Ağdabanlı Qurban. Əsərləri Ağdabanlı Qurban (1859–1934) == Qoşmalar == Al üstən-üstən Başına döndüyüm telli Şamama, Dərdim çoxdu mənim, al üstən-üstən. Qaşların qələmdi - alır canımı, Nə əcəb düzülüb tel üstən-üstən. Dürr kimi düzülüb üzə xalların, Bəzənib qızıla ağ barmaqların. Əmən ölməz sənin dil-dodaqların, Əzilibdi şəkər-bal, üstən-üstən. Qurbanın canısan, həm ciyarısan, Cənnət bağçasının alma, narısan. Mən öləndə bir qədəm bas, barı sən, Sallan keç qəbrimin gəl, üstən-üstən. * * * Bir-bir Qəmər üz, qadanı bu canım alsın, Sallanıb gələndə otağa bir-bir. Diləfrüzün şöləsində dolansın, Olsun pərvanələr sadağa bir-bir. Gözə qoruq yoxdu, dilə qadağa, Olum gözlərinə qurban, sadağa, Şəhdi-zülal, bal tökülüb dodağa, Öpəsən, xal düşə buxağa bir-bir. Yaşmaq altdan o tər buxaq görünür, Əzizlənib kəlağaya bürünür, Onu görən xəstə olur, sürünür, Məcnun kimi düşür bu dağa bir-bir. Günəş də tanıyır o mahtabanı, Qırmızı gül yanağından utanı, Öldür qurtar, həsrət qoyma Qurbanı, Qohum-qardaş gəlsin sorağa bir-bir. * * * Dağlar Əzəl xilqətimiz torpaqdan, sudan, Sən bizə atasan, anasan, dağlar. Pərvəriş verirsən mədhi-zəmində, Gah da məhv edirsən, fənasan, dağlar. Çətindi sağalam - çoxdu azarım, Mətahım dürr mətah - yoxdu bazarım. Düşə, ya düşməyə bir də güzarım, Səfərdi, salamat qalasan, dağlar. İnsaf, mürvət qalıb ixtiyarına, İman, ilqar bağla etibarına. Həsrət gözüm baxar bürcü-barına, Qüdrətdən yapılmış qalasan, dağlar. Mən gedirəm, səndə qaldı nişanam, Qarışıb əhvalım, çox pərişanam. Bir kəsə söyləyib, nə danışanam, Sən bilib əhvalım qanasan, dağlar. Baxıb seyrəngaha, qan ağlar gözüm, Bu qədər fərağa mən necə dözüm? Budur iltimasım, müxtəsər sözüm: Qurbanı gah yada salasan, dağlar. * * * Eylər Bilirsənmi a insafsız, a zalım, Qəzəblənsə, qara gözlər qan eylər. Mehriban danışıq, a gözəl insan, Viranə çölləri gülüstan eylər. Doğru işə düzgün plan yaxşıdı, Ölümdən qurtaran yalan yaxşıdı, Acı dildən gürzə ilan yaxşıdı, Öldürər biryolluq, ya divan eylər. Nəsiyyət söz milyon-milyon deyildi, Düzəlmədi haram, bədən əyildi. Mey içildi, haram tikə yeyildi, Bunu naqis oğlu, ya şeytan eylər. Sel başlandı, heç dolmadı boş kasam, Kamil nəsiyyətə bir qulaq asam. Nə vecinə mən dünyada olmasam, Dünya çox çaqqalı şir, aslan eylər. Zəmanə yaşatdı necə Qurbanı, Yığdığı sərvəti, xəzinəsi hanı? Yola saldı neçə şah Süleymanı, Məhəbbət qocanı şux, cavan eylər. * * * Əvəzində Gəl payəndaz eylə - ayaqla məni, Qoy sinəm tab etsin yol əvəzində. Sarınıb, sarmaşıb ağ buxağına, Əmim ləblərini bal əvəzində. Danışım dərdimi - olasan agah, İnsafdırmı həsrətindən çəkəm ah? Gecə-gündüz, sənin hər axşam-sabah, Durum pişvazında qul əvəzində. Xəstəyə loğmansan - eylə sən əlac, Varın ayağına gedər yoxsul, ac. Qapına gəlmişəm saili-möhtac, Saxada Hatəmin ol əvəzində. Ya baş alım, bi məkana yetişim, Ya çatıb mətləbə, kama yetişim, Ya vur öldür, ya dərmana yetişim, Üstümə təbibin gəl, əvəzində. Məmənin şöləsi, sinənin ağı, Deyəsən cənnətdi novbahar çağı. Öpüb şəhla gözü, məxmər yanağı, Buxağın qoxlayım gül əvəzində. Tərlan yapalağa, uymasın sara, Qönçə gül ətrini verməsin xara, Xəsbətin ürəyi titrəyər - para, Ver alım sədağan pul əvəzində. Qurbanı axtararsa düşməz əlinə, Nə deyim bimürvət qıza, gəlinə, Müştaq oldum şirin, şəkər dilinə, bir busə ver, canım al, əvəzində. * * * Çətindi Təbib yox, cərrah yox, bulunmaz əlac, Sağalmaz, qurtarmaz, yara çətindi. Zülümdü mərd ola namərdə möhtac, Yamandı ayrılıq, ara, çətindi. Hələ var dağlarda Məcnun naləsi, Gəlir qulağıma kəsilmir səsi, Qırılsa sağalmaz könül şüşəsi, Bilməz, olsa para-para çətindi. Ağlaram, gözümdən tökərəm yaşı, Sinəmi yandırar möhnət atəşi, Sərrafə yükləmək gövhərsiz daşı, Həmdəm olmaq biilqara çətindi. Bəxtəvərdi öz bəxtindən yarıyan, Xoş gün görüb yarla birə qarıyan, Axır qanım, yoxdu yaram sarıyan, Müşkül dərdə ola çarə çətindi. Tərsinə işləyir bu çərxi-dövran, Tale sən deyəni demir hər zaman, Qurban səyyad əldən uçurub tərlan, Bir də gəlib düşə tora çətindi. * * * Getmə Gözəllər karvanı yola düzüldü, Kəpəzin kəkliyi, maralı, getmə. Gözlərin süzüldü, canım üzüldü, Qoyub məni dərdli, yaralı, getmə... Bir dərd ürəyimdə var, üzdü canım, Bir də qəsd eylədi yar üzdü canım. Bülbüləm gül üstə xar üzdü canım, Bir qönçəsən səni xar alı, getmə. Qurbanam dərd qoydun azarım üstə, Bir də güzar eylə güzarım üstə. Mən öləndə bir gəl məzarım üstə Sən Allah, yar, ötüb aralı getmə. * * * Gəl-gəl Tez gəl, a mehriban, tez gəl, amandı, Dilimin, zikrimin əzbəri, gəl-gəl. Aləm ağ günəşdi, könlüm dumandı, Sənsən işiqladan göyləri, gəl-gəl. Az qalıb əlimdə alışa sazım, Göydə durnaları saxlar avazım. Qayada kəkliyim, çaylarda qazım, Göllərdə yaşılbaş nazpəri, gəl-gəl. Gözlərin qaradı, telin burmadı, Sözlərin kişmişdi, dilin xurmadı. Getdi əqli-huşum, ürək durmadı, Quruldu ədalət məşəli, gəl-gəl. Söyüdlü çayında, Qonur dağında, Sonalar, mələklər solu, sağında. Suyu şərbət olan buz bulağın da, Kişmişi, xurması, şəkəri, gəl-gəl. Qurban həm aşıqdı, həm də ki, şair, Haqqın hər vergisi bəndəyə dair. Mən dəli-divanə, sən müqəddəs pir, Olmamış ruh xəstə, sərsəri, gəl-gəl. * * * Gəldi-getdi Ey kamalı kamil olan ariflər, Dünyaya nə qədər var gəldi-getdi, Göydən yağdı, yerdən bitdi, saraldı, Daşdı sel, əridi qar, gəldi-getdi. Xəzan yetdi gülə, bülbüllər ağlar, Pozuldu bostanlar, üzüldü tağlar, Bağbanlar əl çəkdi, boş qaldı bağlar, Töküldü meyvələr bar gəldi-getdi. Arzularım mən bir doğru həqiqət, Əzilib füqəra, sahibsiz millət, Biçarə Qurbanam, çəkdim əziyyət, Ayım, günüm, ahü zar gəldi-getdi. * * * Görünməz Hurilərin şahı, gözəllər xası, Mələklər qılmanı hanı? - görünməz! Sallanıb ərkinən, nazınan gəzən, Firəngin sultanı hanı? - görünməz. Əl götürüb aşığından doyan yar, Neştər vurub, bağrım başın oyan yar, Yazıq canım nişanaya qoyan yar, Gəzirəm dünyanı, hanı? - görünməz! Bağban gərək barın qədrini bilə, Sarvan gərək nərin qədrini bilə, Zərgər gərək zərin dədrini bilə, Qurbanın cananı hanı? - görünməz! * * * Gözəl Başına dolanım, dön bəri sarı, Qamətin də gözəl, yolun da gözəl. Bu həsrət könlümdən sil qəm-qubarı, Söhbətin də gözəl, dilin də gözəl. Şairlərin dedikləri yalandı, Mələk qiyafədə əfi ilandı. Bir fikirləş, dünya kimə qalandı, Ayın da gözəldi, ilin də gözəl. Ağzımı açanda söz eyləyirsən, Yalannan küsürsən, naz eyləyirsən. Bir dəfə səhf eylə, düz eyləyirsən Əməlin də gözəl, felin də gözəl. Yüz həsrət aralı baxır kənardan, Can yanır, bulaqlar axır kənardan, El görüb, kim-kimi yıxır kənardan, Talehim şüşədir əlində, gözəl. Qurbanın üstündən bir qara çəkmə, Özünü bu qədər kənara çəkmə, Çək sinən üstünə - məzara çəkmə, Mehribanlıq gəlsin dilinə, gözəl. Qurban, möhnət səni yenə doğruyar, Cəlladım ol, cəsədimi doğru yar. Tale yaza qismətinə doğru yar, Dərd-qəm çatdırmadı, məndən mənə yaz. * * * Qoşa-qoşa Nazlı yar bağçanı seyr edib gəlir, Tutubdu dəstində gül, qoşa-qoşa. Bad əsəndə zülf bənzəyir sünbülə, Ayna qabağında tel, qoşa-qoşa. İki gözəl gördüm: biri Səlbinaz, Yeriyəndə yerə eylər qəmzə, naz. Mələk-mənzər, şirin dilli, xoş avaz, Düzülüb üzünə xal, qoşa-qoşa. Bu Qurbanın nələr gəldi başına, Rəhmin gəlsin gözlərimin yaşına. Yandırdın canımı eşq ataşına, Bu odu sinəmdən al, qoşa-qoşa. * * * Müsəlman Zimistan dolanır, tez gəlir sabah, Əyyam getməz belə mürtəd, müsəlman! Bundan sonra gələn, eşidən-bilən, Edər sizə təhniz, töhmət, müsəlman! Qoşunlar cəmləyib namlar aldınız, Qoç iyidlər, intiqamlar aldınız. Arzuya yetişib, kamlar aldınız, Ələ düşdü yaxşı fürsət, müsəlman! Bir-birinin qənimində durdular, Fürsət çağı ələ düşüb, gördülər. Qanlar töküb, nər iyidlər qırdılar, Bu binamus, bu biqeyrət, müsəlman! Hansını söyləyim mən bu qisasın? Müxtəsərin deyim, sözün xilasın. Əlsiz zənənlərin soyub libasın, Kəsdi barmaqların, namərd, müsəlman! Çalan-çapan, oğru dolandı gümrah, Füqaralar deyir: Allaha pənah. İstərəm xudadan bir ədalət şah, Qurban eylər, hər şikayət, müsəlman! * * * Nədəndi Tuti dilli, gül əndamlı canalan, Götürmürsən o yaşmağı, nədəndi? Gözlərin gözümə baxır mehriban, Qaşların qəsd eylər, yağı, nədəndi? Könül mail oldu sən kimi cana, Camalın bənzəyir mahi-təbana. Eşqin atəşinə yanır pərvana, Gəzdirirsən bu çırağı, nədəndi? Göz yaşımdan xidmətinə bir namə, Dedim yazım şərhi gəlmir tamama. Sədrin üstə bəslədiyin şamama, Gərdəndə zülflərin tağı nədəndi? Yoxsulam yanında varı görəndə, Xəstəyəm bağında narı görəndə. Tərlan iqbalında sarı görəndə, Könlüm olur qəm otağı, nədəndi? Qurban, bu dünyada gözəl çoxdu, çox, Hər birindən dəyib sinənə min ox. Sızıldar yaralar, eylərəm ox-ox! Demirsən sinənin dağı nədəndi?.. * * * Olmaz Səyə salam vermək insafdan deyil, Əqrəbə, ilana sarışmaq olmaz. Silaha aldanmaq, əbəs öyünmək, Xaini-xəbisnən duruşmaq olmaz. Təəccübəm bu qurğuya, bu fəndə, Nahaq yerə qəza salır kəməndə, Yazıq canım əhli-arif görəndə, Söyləyib dərdini danışmaq olmaz. Qurbanam, yamana qol qoyam çətin, Demərəm dünyada bir kəsin bədin, Dilim qadağadı, nə danış, nə din, Nə sirr açmaq, nə söz soruşmaq olmaz. * * * Pəri Dərviş sayaq xeyli gəzdim cahanı, Görmədim sənin tək bir insan, Pəri! Xaliqin hökmülə xəlq olunmayan, Nə yaraşıqlı mələk, nə qılman, Pəri! Qamətin əlifdi, peykanın nundu, Surətin mələkdi - sevmək qanundu, Atəş gözlərdədi - üzülən candı, Gərək doğru olsun yol-ərkan, Pəri! Boşalan dünyadı, dolan dünyadı, Həqiqi dünyadı, yalan dünyadı, Verdiyini əldən alan dünyadı, Nə sevgi qalacaq, nə cahan, Pəri! Şəkli-şəbahətdə qeyri təhərsən, Hüsnü vücahətdə şəmsi-qəmərsən, Qan ağlaram - hər yadıma düşərsən, Ağlar didələrim, tökər qan, Pəri! Dərd, qəmim taladıb - ürəkdə məlal, Getməz gözlərimdən firqəti-xəyal. Dərdim çoxdu - deyim yaz, dəftərə sal, Neçə ki, zülfünə yoxdu san, Pəri! Bağ bənzəməz hərgiz behişt bağına, Sar yaraşmaz qoysan tərlan yerinə. Qəm dəryadı - qərq olmuşam dərinə, Təlatüm eyləyir min tufan, Pəri! Göz axtarar, könül istər - çatmaz əl, Xidmətinə namə yazdım, dil əfsəl, Qurban beynəvadı, sal yadına gəl, Can mənim, can sənin, bir də can, Pəri! * * * Sən Füqarə mən, biçarə mən, yazıq mən, Bimürvət sən, sitəmkar sən, zalım sən. Nə müddətdi dildarına həsrətəm, Səbəb nədi, soruşmadın halım sən?. * * * Şirin-şirin Vəhşi maral kimi gəzir səhrada, Ovçu, ov qaçırdın, an, şirin-şirin. Nə buyursan mənim üçün xoş gəlir, Məni ya kölə, ya qul, san şirin-şirin. Gül üzün görəndə könül şad oldu, Möhnət artdı, dərdim genziyad oldu. Ey pərvana, sənə qismət od oldu, Düşüb ataşlara yan, şirin-şirin. Sən gedən yollara qurban düzülsün, Gəlin qulluğuna qılman düzülsün. Sən canın bəri bax, bu can üzülsün, Qoy axsın didəmdən qan, şirin-şirin. Apardı sərimdən əqli-huşumu, Ahu-fəqan eyliyibsən işimi. Zarıncı halınan qoyum başımı, Verim sinən üstə can, şirin-şirin. Dünyanı yaradan asan yaratdı, Neçə min dərdlərə dərman yaratdı. Aşiqi gözələ qurban yaratdı, Qurbanı qurban et sən, şirin-şirin. * * * Yaxşıdı İnsana mərhəmət ola kəramət, Baxtıla fərasət, kamal yaxşıdı. Kişi atasının öz oğlu gərək, Loxmadan, nütfədən halal yaxşıdı. Tut nəzərdə sən bu çərxi-gərdişi, Gecəli-gündüzlü yazınan qışı, Arif olan özü bilər bu işi, Eləmək dərindən xəyal yaxşıdı. İnsan oğlu, mütləq inan, yəqin bil, Mötəbər həqiqət əfsanə deyil. Firqeyi-şeytana nəsihət deyil, Təsir etməz zurna, qaval yaxşıdı. Dağıtma fikrini, itirmə huşu, Məhək seçər qəlpi, qızıl, gümüşü. Tamahkar sənətkar, bədnəzər qonşu, Heç deməz: camaat, mahal yaxşıdı. Qurban, yaz nəsihət, yadigar, ustad, Yaxşını, yamanı eyləyir isbat. Vicdansız kişiyə həyasız arvad, Deyir: zəhmət pisdi, sığal yaxşıdı. * * * Yaşadım Sadiqlikdi, səxavətdi sənətim, Gur məclisdə, ağır eldə yaşadım. Halal nemət oldu şirin qismətim, Düz ilqarda, doğru yolda yaşadım. Araz çayı qanlı göz yaşım oldu, İnsanlıq aləmi qardaşım oldu. Nə gileyim, nə də savaşım oldu, Düz kəlmədə, şirin dildə yaşadım. Ayrı yaşamazdıq, nə mən, nə də sən, Əllərin kəsilsin, ay ara kəsən. Füzuli naləli, vətənim vətən, Sarayda yaşadım, çöldə yaşadım. Qurban, səcdə eylə namazın üstə, Bülbüllər oxusun avazın üstə. Qasımın, Abbasın məzarı üstə, Oldum həmişəlik xəstə, yaşadım. * * * Yoxdu, yox Ağa, şikayətim var qulluğuna, Zərrəcə sözümdə yalan yoxdu, yox. Göstərdim cərraha, təbib-loğmana, Dedilər: bu dərdə dərman yoxdu, yox. Yardan ayrı dözə bilməm, neyliyim, Alışır dəhanda, odlanır dilim. Bu dərdin dərmanı ölümdür, ölüm, Sağlığıma daha güman yoxdu, yox. Kərəm qılıb mətləbləri bitirən, Həsrətləri bir-birinə yetirən; Ay Qurbanı qulluğuna gətirən, Görərsən ki, bir də Qurban yoxdu, yox. * * * Vaxtı Bir canda ki, ola sümük azarı, Oynar, durmaz dəf olan vaxtı. Yaxşı-yaman bilməz, danışar hədyan, Əqli sərsər olar, kef olan vaxtı. Bağban bar bəsləsə barı çox istər, Xəstə meyli qarı, narı çox istər, Acgöz doymaz, dövlət-varı çox istər, Şadlanar dövlətə, nəf olan vaxtı. Qurban, insan varmı dərdsiz, vərəmsiz, Mətləb yazmaq olmaz kağız, qələmsiz, Qul xətasız olmaz, ağa kərəmsiz, Bağışlar əlbəttə səhv olan vaxtı. * * * Var Əziz dostum, bir ilqarın ucundan, Başı-candan, külli vardan keçən var. Doğru sözün, etibarın ucundan, Bağçadan, bağlardan, bardan keçən var. Fələk çəkən sinəmdəki dağlardan, Xəbərin yox mənim kimi ağlardan, Qanlı gədiklərdən, qəmli dağlardan, Daşqın seldən, dəryalardan keçən var. Uca dağ başında qarı saxlayar, İgid namus, qeyrət, arı saxlayar, Tərlan itib, səyyad sarı saxlayar, Dərdi artıb sədd-hasardan keçən var. Vurursan sən məni möhnət daşıynan, Üzümə xətt düşüb didəm yaşıynan, Alışıb yanan var eşq ataşıynan, Pərvanətək balü pərdən keçən var. Bu dərd qalsa qiyamətə sinəmdə, Sərf eylərəm sata-sata sinəmdə, Bax həsrətə, bu heyrata sinəmdə, Qurban, qorxma günahlardan keçən var. * * * == Gəraylılar == Arasında Sevdiyim şamama bəslər, Dolanar tağ arasında. Xəstə düşsəm, könlüm istər, Bir cüt nar, bağ arasında. Canım eşq oduna yandı, Sinən nazbalış, yorğandı, Tüstüm asmana dayandı, Bir qarlı dağ arasında. Qulaç zülfünü hörsünlər, Tovuztək bəzək versinlər, Qoy Qurbanı öldürsünlər Sinənin ağ arasında. * * * Bülbüllərinən Xara qismət oldu güllər, Sən ağla bülbüllərinən. Götür qələm, bağla dəftər, Nəzmə çəkib dillərinən. Bax ətrafa solu-sağlar, Həmi bağça, həmi bağlar. Sözüm ağlar, gözüm ağlar, Aylarınan, illərinən. Qurban, söylə: - nə adətdi? Bu qəm sənə kifayətdi. İbadətdi, ziyarətdi - Qayıt görüş ellərinən. * * * Ceyran Qaşın kaman, kipriyin ox, A gözləri ala ceyran. Gül üzündən şərmisardı, Xəcil olur lala, ceyran. Öpüm gülgəz yanağından, Bəyaz, büllur buxağından, Əmim qaymaq dodağından, Bənzər ləbin bala, ceyran. Sən gül, mən bülbül həvəsdi, Bir təzə bahar nəfəsdi, Qurbana eyləmə qəsdi, Qol boynuna dola, ceyran. * * * Dağlar Qışda, yazda, yayda sənin Əskik olmaz qarın, dağlar. Al yaşıla bəzənirsən, Gələndə baharın, dağlar. Desəm dərdim, kim inansın, Məni sənə Məcnun sansın. Baisləri oda yansın, Deyim: sən huşyar ol, dağlar. Viran könlüm olur abad, Yazıq canım qəmdən azad. Səlvi ilə Qurbanı şad Eylə, murğuzar ol, dağlar. * * * Dolana-dolana Bülbül idim, gülə həsrət, Qaldım dolana-dolana. Bu canımı eşq oduna Saldım, dolana-dolana. Nəzər sal didəm yaşına, Yandım hicran ataşına, Sədəqə yarın başına Oldum, dolana-dolana, Çəkdim firqət cəfasını, Haçan sürdüm səfasını? Can deyib, can qadasını Aldım, dolana-dolana. Artıb dərdim günü-gündən, Əlli isə ötüb mindən. Qurban deyər həsrətindən Öldüm, dolana-dolana. * * * Xanım Bir söz deyim qulluğuna: Ərzim al xanım, al, xanım. Əmim şəkər məmələrdən, Şirin bal xanım, bal, xanım. Ay kimi rübənd tökülüb, Qaşlar qüdrətdən çəkilib. Dərdindən qəddim bükülüb, Olub dal xanım, dal, xanım. Qaldı səndə arzumanım, Başına dönüm, dolanım. Qurban deyir: - çıxdı canım, Yəqin bil xanım, bil, xanım. * * * Halal eylə Ana, billah dura bilməm, Mən bağrı daş, halal eylə. Yardan ayrı didələrim, Tökür qan-yaş, halal eylə. Qəm məni odlandıracaq, Canımdan usandıracaq. Axır bir gün yandıracaq, Məni atəş, halal eylə. Qurbanam, qəm qəddim əyib, Sinəmə hicran ox dəyib. Əmi, dayı, dost-müsahib, Qohum-qardaş, halal eylə. Göyçə mahalı * * * Həsrət Qaqqıldaşıb, gülüşənlər, Mən çəkirəm nalə, həsrət. Qəmnən bağrımı deşənlər, İstər canım ala həsrət. Yara yoncuyub, yalvaram, Bəlkə bu dərddən qurtaram. Şan üstündən sızıldaram, Necə zənbur bala həsrət. Gəl, pünhan deyib-danışaq, Küsdürübsən, bir barışaq. Titrər buxaq, bədən yumşaq, Etdim bu xəyala həsrət. Durna telli, quş avazlar, Qatarlanıb quba-qazlar. İnsaf edin gəlin-qızlar, Qurban, çək dal-dala həsrət. * * * Keçdi Gördüm mələklər xasını, Bir sona sallandı, keçdi. Baxdım günəş camalına, Ürək alovlandı, keçdi. Gah güldüm, gah da ağladım, Sinəmi çarpaz dağladım. Yalvarıb, ümid bağladım, Qalxıb ucalandı keçdi. Dolandım solu-sağına, Üzüm sürtdüm ayağına. Dedim: - bax sinəm dağına, Baxmadı, adlandı keçdi. Ərz etdim, ərzim almadı, Didəmin yaşın silmədi. Söylədim, dərdim bilmədi, Acıqlı yollandı, keçdi. Xəlq olub insan təhrində, Bir qulam yarın qəhrində. Qərq oldum qəmin bəhrində, Bir müddət dolandı, keçdi. Qurban, səndə laf olarmı? Qəlbi xain saf olarmı? Gözəldə insaf olarmı? Səlbi sığallandı, keçdi. * * * Kəklik Ay Salatın, bir bəri bax, Baxım gözəl gözə, kəklik. Doğra bağrım kababa tax, Sal ataşa, közə, kəklik. Gəl üzünə tutma pərdə, Əqil gedib - yoxdur sərdə. Səni görən aşıq dərdə, Çətin-çətin dözə, kəklik. Tərlan baxışına heyran, Mən xəstəyəm, sənsən loğman. Qurban canın eylər qurban, Üzün sürtsə üzə, kəklik. * * * Kəklik Gündə yüz min can sadağa, Sən kimi canana, kəklik. Həsrətəm mən danışmağa, Danış deyim: - can, a kəklik. Ala gözlüm, sən beləsən, Yanağı gülsən, laləsən. Cəmi gözəldən əlasan, Bir də yetəm sana, kəklik. Qurqal saçın aralanmış, Elə bil ay paralanmış, Ağ əllərin hanalanmış, Yoxsa batıb qana, kəklik?! Qurban vəsfini söyləsə, Eşidənlər düşər bəhsə. And içib, qəsəm eyləsə, Yazarlar yalana, kəklik. * * * Kimi Xaldı, düzülüb hər maçın, Üzə dürdanələr kimi. Tökülübdü çin-çin saçın, Gərdənə minalar kimi. Səni görəndən bəridi, Yandı, ürəyim əridi. Əqlim sərdə sərsəridi, Oldum divanələr kimi. Dağın canda qaldı nişan, Halımı etdin pərişan. Ciyar hazar, oldu şan-şan, Şandakı xanalar kimi. Qurban, yalvar yara, bir bax, Sızıldaşır yara, bir bax. Bu beymürvət yara bir bax, Dinir əfsanələr kimi. * * * Könlüm Nə qalıbsan qəm əlində, Üstü duman olan könlüm, Su üzündə gəmi kimi, Geşt eləyib dolan könlüm! El köçüb, dalda qalıbsan; Özünü oda salıbsan Xaraba tək boşalıbsan, Nədən oldun talan, könlüm? Sinəndəki kaman-oxdu, Dövran zalım, cəfan çoxdu, Qurban deyir yerin yoxdu, Ay sərgərdan qalan könlüm! * * * Niyə döndü Bir dön bəri, ərzimi al, Üzün məndən niyə döndü? Yoxsa yatıb gur taleyim, Üzün məndən niyə döndü? Gül üzünə mail oldum, Dərdindən saralıb-soldum. Qara bulud kimi doldum, Üzün məndən niyə döndü? Qəmzən ox, qaşın kamandı, Ölürəm ay yar, amandı. Bu canım sənə qurbandı, Üzün məndən niyə döndü? Dərdimi dedim loğmana, Dedi: - danışma əfsana. Ağlayaram bir zamana, Üzün məndən niyə döndü? Əzəldən baxtım qaradı, Ümidim gələn haradı?! Yazıq Qurban füqaradı, Üzün məndən niyə döndü? * * * Sinəsinnən Qoynun səkkiz cənnət bağı, Taydı cənnət, sinəsinnən. Car olub köçər bulağa, Axır şərbət sinəsinnən. Sevgim bu gün bağa gəldi, Oxuyan şeyda bülbüldü. Ətri müşki-ənbər güldü, Verir ləzzət sinəsinnən. Qurbanı saldı xəyala, Ləblərin bələnib bala, Bəlkə verə bir piyala, Qıla ülfət sinəsinnən. * * * Üstündən Usta Kərim, o qaşların, Qara çəkib ağ üstündən. Gözəl yaradıb saçların, Çin-çin, tağı-tağ üstündən. Sinəndi ağ büllur şüşə, Bəzənib qızıl-gümüşə, Açılıb nərgiz, bənövşə, Qızılgül yanaq üstündən. Zənaxdanda qoşa xal var, Camalında nə cəlal var, Ləblərində şirin bal var, Süzülüb qaymaq üstündən. Nə mayıl-mayıl baxarsan, Sinəmə oxlar çaxarsan, Yandırıb oda yaxarsan, Dağ çəkərsən dağ üstündən. Sənsiz bu Qurban sızıldar, Cismim ağlar, can sızıldar, Görsə arı şan, sızıldar, Olmaz ayırmaq üstündən. * * * Təzələnir Yenə sevgim can almağa, Qeyzə doluf gəzələnir. Ala gözlərin görəndə, Köhnə yaram təzələnir. Doymaq olmaz belə dostdan, Sinəsi bağı-gülüstan. Bir cüt qoşa nardı büstan, Öpmək, əmmək məzələnir. Dilin şəkər - dönüb qəndə, Zülfün salıb məni bəndə, Bir fürsət ələ düşəndə, Niyə qəmzə, naz elənir? * * * Yoxdur Düz sözün keçməz isbata, Yoxsul, səbəb: varın yoxdur. Möhtacam ulağa, ata, Deyir, xeyir-karın yoxdur. Şirindi dünyanın malı, Aqibət gör kimə qalı?! Mətahın dürdən bahalı, Neynim, xiridarın yoxdur. Qurban, dostu-qonağımız, Hanı eyvan-otağımız? Pozulub bağça-bağımız, Alma, heyva, narın yoxdur. * * * Var Qəmli könül şad olarmı? Əlbət dərdi-məlalı var. Yıxıbsan, abad olarmı? Canım xəstə, nə halı var. Kəklik, kətanın Gülgəzin, Bənövşə, qönçə nərgizin. Səndə bir bax, hansımızın, Yaxşı boyu, sığalı var? Ya çoxumdu, ya azımdı, Sizə bu can niyazımdı. Demək mənə nə lazımdı: Arif bilər - kamalı var. Duran gözəlllər şahının, Küllü-aləm pənahının. Şamaxının, Sürahının, Səndən doğru sualı var. Ariflər söz deməz naşı, Tanıyar gövhəri-qaşı. Sağ olsun qohum-qardaşı, Nə ki, eli-mahalı var. Söylə, baxım haralısan, Nə möhnətli, yaralısan? Hansı yola varalısan? Dur get, bizdən aralı var. Qalan payı bəstənizdə, Düşən mənəm xəstəniz də, Sürbənizdə, dəstənizdə, Qurban ovçu, maralı var. * * * Vurursan Sitəmkarsan, sən sinəmə, Yara pünhandan vurursan. Gahdan aşkar - aləm görür, Ara pünhandan vurursan. Kəskindi - müjganın almaz, Ox vurar - yara sağalmaz. Zülfün əqrəb, əfsun almaz, Mara, pünhandan vurursan. Qəmdən boynum bükdürürsən, Didəm yaşın tökdürürsən. Zülmkarsan - çəkdirirsən, Dara, pünhandan vurursan. Daş ürəkli, a qəlbi təng, Axır qanım irəng-irəng. Kamil ovçu, süzən tüfəng, Vura, pünhandan vurursan. Qurban qurbandı qaşlara, Yanındakı yoldaşlara. Yaxdın canım ataşlara, Nara pünhandan vurursan. * * * == Təcnislər == A qalanmasın Qəvvas cumub dəryalara a dalsın, Nabələd kənarda, a qalanmasın. Mərd iyidlər çörək versin, ad alsın, Namərdə güvənib ağalanmasın. Keçib üç yüz otuz ay sənəm indi, Şölələnib gündə, ay sənəm indi. Yar desə: ləbimdən, ay sən əm indi, Nə ki xəstə həsrət, a qalanmasın. Qurban qüdrət eldə yada saldı yar, Təbib sənsən, aç yaramı saldiyar. Hər kim səni məndən ayrı saldı yar, Öləndə beş ərşin ağ alanmasın. * * * A narın-narın Dil, zikr elə, nə şirindir yar adı, Qayin cinmi gəlir, a narın-narın. Əta qılsa, can təzədən yaradı, Gah yaxır səqərin, a narın-narın. Nə alidi, nə alçaqdı a qala, Yar istəyir yar yanında a qala. Sənginərsə, eşq ataşın a qala, Yandırırsan yandır, a narın-narın. Dərdi-hicran artır hərdən yar, aşır, Çin-çin saçın qəddi dala yaraşır. Tez yetirsən ağlıyanda yara şir, Qurbandan gizlətmə, a narın-narın. * * * A yara bax-bax Nə müddətdi həsrət qaldım didarə, Gərdiş uzaq saldı, a yara bax-bax. Çəkmək istər zülflərindən didarə, Nəinsaf, bimürvət, a yara bax-bax. Qınamayın məni ellər, obalar, Tərlan itib, sar yapalaq ov alar. Qəm qəhr edər, sıxar bağrım ovalar, Vurar yaram üstə a yara, bax-bax. Qurbanın sən dağlayıbsan sinəsin, Əvvəl gərək yar yarını sınasın, Bir daş vurdun, şişə könlüm sına-sın, İstəyir güldürə əyyara, bax-bax. * * * Ağalar məni Mərizəm, ərz edim dil, ağla qana, Möhübbət ataşa a qalar məni. Yoldaşım Leylisiz sel ala qanə, Qınamayın, bəylər, ağalar məni. Çəkibdi səməndin yara bir də min, Söhbətin söyləyim yara bir də min, Vurub o sinəmə yara bir də min. Dərd üzər canımı, a qalar məni. Naqə dönməz, çəksən gedər ovsara, Qəsdim budur: şikar olma ov sara, Qurban öldür, gəl sərini ov, Sara, Ölsəm kim dəfn edər, ağ alar məni. * * * Ay əsir-əsir Ox kimi sinəmdən keçir qəzadən, Səməndi sərsəri, aya əsir-əsir. Sitəmi-zülmüdən, cövrü-cəfadan, Ürəyim titrəyir, ay əsir-əsir. Əbrü-çeşmim dolub istər, a yağa, Alışdım eşqindən, yandım, ay ağa. Xəstə canım sənəm, saldın ayağa. Elədin zülfünlə, ay əsir, əsir. Qəm coşur ürəkdən - a daşa, desəm, Ərzimi sirdaşa, adaşa desəm. Qurbanam, dərdimi a daşa desəm, Səs çəkib verməzmi ayə, sirrə-sirr?! * * * Ayağa dürüst Ərzi-şikayətim var qulluğuna, Mültəfit ol deyim, ay Ağa, dürüst. Qəribin qürbətdə dəysən qəlbinə, Barən gözlərindən a yağa, dürüst. Vəfa edib əsba, ay ara gördüm, Xəncəl kimi bağrım, a yara, gördüm. Qəmdən bu sinəmdə a yara gördüm, Dərd əlindən düşdüm, ayağa dürüst. Qurban, qıl namazın qəzasın indi, Gör çərxi-dövranın qəzasın indi. Yox qohum-qardaşım, qaza sin indi, Çulğayıb götürə, ay ağa dürüst. * * * Ay nə gətirdi Qələm, sən arifə söylə qanalar, Baxıb camalına, ay nə gətirdi. Mən ölsəm dərdindən, kim var qan alar, Bir əlif, bir bey, nun ay nə gətirdi. Kim bilir könlümdən ya nə dolandı? Canım oda yana-yana dolandı. Dostlarım mən ilə yana dolandı, İl keçdi, gün gəldi, ay nə gətirdi? Dağ başını tutub duman, qar ala, Gərdiş gəzər, fəsil düşər, qarala. Qurban yazıq, ha dəftəri qarala, Yazmağın dəstinə ay nə gətirdi. * * * Çatha çat Nə yatırsan, aç didarın, de: hasil, Gəldi əcəl, yetdi sənə çatha çat. Sındı zəncir, gedərgisən, nə hasil? Ha cəhd elə, ha çal çəkic çatha çat. Nay nalə edər, haray yetər, a daşa, Ağlar didar, yaşın seltək a daşa. Kazranlar salsalar rəxtin, a daşa, Dəyər səngə, səs eyləyər çatha çat. Nikraillər yetişəndə əyana, Leysan deyər sirr işlərin əyana. Hazar yeki can ləhətdə, a yana, Qaynayarsan yağ içində çatha çat. Qurban, sədaqətlə eşit: sin, ayə, Əzəl gərək yar yarını sinayə. Əzrail ki, əyləşəndə sinayə Çəkər çəngəl, solar rənglər çatha çat. * * * Daldala sin-sin Sədası, ləhcəsi nə şirin əsəl, Səs çəkər - qaqqıldar daldala, sin-sin. Dərs alan dərk eylər sinayəsinə, Dahanda dəndənin dal-dala sin-sin. Saildi sərində sədaqə sinə, Aydır işıq salan sədaqəsinə. Alnında telinin sədaqəsinə - Aşiqi sədrində daldala, sin-sin. Qurban, xəstə dilin narə tez yetir, Sızıldar, çəkər ah, narə, tez yetir. Xaini səqərə, narə, tez yetir, Hərcayının sirrin daldala, sin-sin. * * * Dal əyər-əyər Diqqətindən nəzər yetir sərasər, Gələrsə təcnisə, dal əyər-əyər. Aşiq həsrət qalsa yara intizar, Dərdi-hicran qəddin dal əyər-əyər. Şirin desən şirin gələr yar adı, Can gedərsə canan təzə yaradı. Tənə dildən ciyər təzə yaradı, Qaytarsa yar-yara, dal əyər-əyər. İşarəynən qandırarsan qananə, Nə anlıya, nadan desən qananə. Ha axıtsa didəsindən qan anə, Gedən gəlsə geri, dal əyər-əyər. Qurban, sənsiz el ağlıyar, ay yanar, Eşq ataşın yanar canda, ay yanar, Xəstə istər yetişərsə, aya, nar, Alçalı ağaclar dal əyər-əyər. * * * Məni Tərlandı baxışın, gözün can alan, De çək caynağına, di darə məni. Hərdən şölələnir o gül camalın, Tel deyir şanəyə: di darə məni. Zülflərintək olmaz əqrəb, nə də mar, Çalmaq üçün yoxlayırsan nə damar? Qaşqabaqdan qəhr-zəhri, nə damar? Öldür, qoyma həsrət didarə məni. Yar, gərdənin ər-ər kimi minalə, Bülbülə gül neylər olsa min nalə, Bir canım var, qəmzən istər minalə, Qurbanam, çəkdirmə di darə, məni. * * * Həyayə hey-hey Şahinə nə qaynaq çalar qarğalar, Nəzər sal qadında həyayə, hey-hey. Qış qəhr etsə yağar dərin, qar qalar, Yaz gələr, sel axar, həyayə hey-hey. Adı həzar: yekdi, təkdi sinasən, Ərşi, yeri, xəlq elədi sinasən. Həzər ilə dəyə səngə sinasən, Gələr sin içində həyayə hey-hey. Təcnis, təxnis nə kar edər, nə də sər, Nə alçaqdı, nə alidi, nə də sər. Əli deyər: nə əyləşər, nə də sər, Nə qərəz, nə çəkər həyayə hey-hey. * * * Nə qala sən-sən Səhərdən şikara çıxsan səhraya, Nə yetiş qəzaya, nə qala, sən-sən. İrast at xədəngin səhnii-sinayə, Qeyznən, qəhrinən nə qala, sən-sən. Zəhrin nə şirindi - dağıdan dağı, Kəci nagahandır dağıdan dağı. Keçirdin sinədən, dağıdan dağı, Çıxarsan səngini, nə qala, sən-sən. Qurban, de taleyin qaralar indi, Gədikləri kəsər, qar alar indi. Can yanar eşqindən, qaralar indi, Nə sal atəşlərə, nə qala sən-sən. * * * Ol saqi misal Məcazı-məclisə, təri-təcnisə, Dolandır saqini, ol saqi misal. Yar dəstində nuş elərəm, acısa, Doldur stəkana, olsağını sal. Arif üç hərf ismə sayə tez tapar, Ruhum irəhmindən saya tez tapar. Yaram şəfalanıb saya tez tapar, Zülfündən üstümə ol saqini, sal. Beyvəfadı - gördüm yarı yandırar, Yarıb bağrım bütün yarı yandırar. Eşqin rəhm eləməz, yarı yandırar, Qurbanı öldürsə ol saqini sal. * * * Yara qal indi Könlüm çox istədi yarı göreydi, Yaraşarmı qoyxa yara, qal indi. Çəkə bu dərdimi - yarı göreydim, Ölsəm barı sala, yar, a qal indi. Gör sinəmdə belə yar arı dağlar, Sızıldar bal deyin yar, arı, dağlar. Sən bəslə yar üçün yar arı dağlar, Səfalı yaylaqlar, yara qal, indi. Tifl olan büsatın hər ay əmməni, Qafreyi-teyi, nə hər ayəm məni. Gətirmə naleyə, harayəm məni, Daha sağlığınan, yara qal indi. Qurban yandı şəmin ayağı kimi, Niyə kəc baxırsan, a yağı kimi. Siyah zülfün çalıb a yağı kimi, Ürəkdə yadigar yara qal indi. * * * Yaradan məni Qaşların alır can, ay gözü tərlan, Zənbur kimi şanda yaradan məni. Kipriklərin silah, sinəm nişanə, Gizlə, pünhan eylə, yaradan məni. Qoynundakı nardı biri dalmasa, Bənzər şamamaya, biri dalmasa. Qonum, qohum, qardaş biri dalmasa, Sən özün al qanım, yaradan məni. Qurbanam, yar üzdən nə qalə canım, Salıbsan qovğaya, nə qalə canım. Nə yandır atəşə, nə qalə, canım, Nə öldür, bu odlu yaradan məni. * * * == Divanilər == Əldən gedər Bu cahanda istədiyim mehriban əldən gedər, Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər. Bel bağlama bu fənaya, hərgiz etmə etibar, Bir nəfəsdir, bir qəfəsdir, cismi-can əldən gedər. Yerə, göyə qərar qoyan qadiri-sübhanı bil, Hər nakəsə yoldaş olma, yaxşı dostu tanı, bil. Əyrilərə qurulacaq ədalət divanı, bil, Namərdlərə olmaz onda bir güman, əldən gedər. Qurban deyər: bəndəsindən bir xaliq üz döndərə, Qurğusunu yana əyə, çərxini tez döndərə. Arifə bircə işarə, nə lazım söz döndərə, Bir nadan mətləb qanınca, yüz qanan əldən gedər. * * * Dünyada Səadətdə kəskin oldu kimin baxtı dünyada, Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada. İbadətdən olma qafil, səxavətdən, həmçinin, Əgər olsa əldə varın olan vaxtı dünyada. Al qəhərin qüdrətini, unutma eylə həras, Fəxrilənib olma məğrur, geyinib əlvan libas, Həm söhbətdi, həm nəsihət, həm əldə bir əsas, Tarac oldu neçələrin tacı-taxtı dünyada. Hanı Nəmrud, hanı Şəddat, hanı Firon zülümkar? Hanı loğmanı-Ərəstun, qoymaz qala ruzigar. Hanı İskəndər, Süleyman, olan sahib-ixtiyar? Kim gəlsə beş gün qonaqdı, ölüm haqdı dünyada. Fəhlə-kəndli muzdurları, füqəranı dağlayan, Nərdivan var: enər-qalxar, gülər bir gün ağlayan. Nakəslərə qardaş deyib, namərdə bel bağlayan, Əqli-kamil demək olmaz, bir axmaqdı dünyada. Bişumari lənət şeytana, sədhazari-sədhazar, Xalqın malın alma əldən qoçu-quldur, ol kənar. Bir misal var: xain artmaz, ədalət açar bazar, Küllü-aləm şükr eliyər: - Xoş gün çıxdı dünyada. Məhəngsən, seç simu-zəri, sərrafısan - bax sözə, Kəlmələri şəhdi-şəkər; gah nəsihət, gah məzə. Qurbana haqdan mərhəmət, sizdən də rəhmət bizə, Dastan deyib, dəftər yazan hanı? - Yoxdu dünyada. * * * Mərd Mənim bu müşkül dərdimə kim dözüb dayana mərd, Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd. Bir kimsənəm yoxdu desin ərzimi cananıma, Birbəbir bu dərdimi söyləsin loğmana mərd. Yar gərək yardan ötrü ah çəkib, dad eyləsin, Mərd gərək meydan içində özüçün ad eyləsin. Saillərə bəxşiş edib, qəmgünü şad eyləsin, Dost gərəkdi dost yolunda baş verə mərdana-mərd. Firqətindən mən olmuşam bir dəli-divanı tək, Həsrətindən didələrim yaş tökür leysanı tək. Qəbul eylə bu gün məni, İsmayıl qurbanı tək, Hazıram yüz şövqilə olmağa qurbana mərd. Mərdi səndən ayrı salmam, razısan niyaz ilə, Durmuşam qulluğunda etiramla, avaz ilə. Mən sənə qurban gəlmişəm, kəs başım almaz ilə, Qoy desinlər: barı verdim canımı canana mərd. Qüvvətinə əhsən olsun, sən böləndə əntəri, Zülfüqara bəlgə oldu Cəbrayılın şahpəri. Sıqtı-dildən çağırıram şiri-Yəzdən Heydəri, Düldülü mərd, Qənbəri mərd - girəndə meydana mərd. Qurban deyir: yandı ürək, qalmayıbdı taqətim, Sevgilim, çıx aşikara, eyləyim ziyarətim! Sən veribsən təbi mənə, halal paydan qismətim, Tarixlərdə söylənəcək; qalacaq nişana mərd. * * * == Müxəmməslər == Yoxdu-yox Kainatda ruzi boldu, hər gələn can dolanır, Yaranmışın qismətini verir sübhan, dolanır! Afrikada vəhşi pələng, sürü aslan dolanır, Bir-birinə qənim deyil, onlar asan dolanır, Öz nəslinə qənim olan başqa bir can yoxdu-yox! * * * Kitabxana.az · https://kitabxana.az/authors/agdabanli-qurban İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.