Aşıq Bəsti. Əsərləri Aşıq Bəsti (1836–1936) == Gəraylılar == Ağladım Qara bağrım şan-şan olub, Fərz elə ki, arı şanı. Ağlamaqdan bu bəstinin Qalmayıbdı yarı canı. Ağlamaq da bir peşədi, Bir gün deyil, həmişədi. Çalçarpazdı, dördguşədi, Sinəmdə dağları tanı. Leysan kimi yaş tökərəm, Könül sarayın sökərəm, Canı-dildən ah çəkərəm, Ağladaram, bu dünyanı. * * * Ayrı Əlbət yarım yada düşüb, Ölürəm dağlardan ayrı. Bu el mənim, o el sənin, Ölürəm dağlardan ayrı. Məzarına gül bağlayan, Dumanlı-çəni ağlayan. Xançobana yas saxlayan, Ölürəm dağlardan ayrı. Acçınqıldı mənim dağım, Bəsti, hanı öz oylağım?! Dil deyir, getmir ayağım, Ölürəm dağlardan ayrı. * * * Ayrım elindədi Aşıqların dastanları, Sözü ayrım elindədi. Alagözlü gözəllərin Gözü ayrım elindədi. Şirin-şirin xəyalların, Gözəl mixəyi xalların, Ceyranların, marallarm İzi ayrım elindədi. Mərcan-mərcan bulaqların, Mənzərəli oylaqların. Sərin sulu yaylaqların Özü ayrım elindədi. Xəzan tökdürməsin barın, Əhdinə düz olan yarın, Bəsti deyər: hər ilqarın Düzü ayrım elindədi. * * * Ayrımın gözəlləri Yaylaq yolları yoxuşlu, Əlləri dərmə naxışlı, Hamısı maral baxışlı, Bu ayrımın gözəlləri. Əllərində kirkid, həvə, Xanalarda xallı kəbə, Lampatək şox salır evə Bu ayrımın gözəlləri. Bəsti deyər, alma yaşmaq, Eyibdir kişidən qaşmaq, Lazımdır çarçovu açmaq, Ay ayrımın gözəlləri! * * * Bəzənir Maşallah, ay Qabaqtəpə, Hər eldən mərdan bəzənir. Üç ay bahar, yaz olanda, Deyirsən sultan bəzənir. Cahallarm hamsı qoçu, Tərpənəni gözəl seçi. Yaylağa yerişdi köçü, Hər yan al-əlvan bəzənir. Bəsti gəldi bu yaylağa, Səda saldı hər oylağa. Ənam verirlər qonağa, Şal geyir, mehman bəzənir. * * * Çobandağı Səndən axır abı-kövsər, Suyun baldı, Çobandağı. Bəzənmisən gəlin kimi, Nə calaldı, Çobandağı? Kəkliklərin qonur daşa, Qaqqıldaşa, qaqqıldaşa, Hər görən eylər tamaşa, Bir xəyaldı Çobandağı. Hər dürlü çiçək sinəndə, Tapılmaz geyri çəməndə, Bahar fəsli Bəsti səndə, Qonaq qaldı, Çobandağı. * * * Dağlar Dağ üstündən, çəkdin dağı, De, nəydi günahım, dağlar, Sən mənə kəsildin yağı. Tutsun səni ahım dağlar. Qara gəlibdi dövranım, Əl vurma, tökülər qanım, Hanı mənim Xan Çobanım, Oydu qibləgahım, dağlar. Niyə belə yazdı fələk, Ayrılığa dözmür ürək, Bəsti kimi sən də qal tək, Olmasın pənahın dağlar. * * * Daş, ay gəlin Görməyəydim bu dağlarda, Haray, səni, kaş, ay gəlin! Söylə, sənə kim qarğadı, Niyə oldun daş, ay gəlin? Hardan bilim haralısan, Dağ görmüsən yaralısan?! İsmətlisən, həyalısan, Özü qələm qaş, ay gəlin. Qoymaz burdan dərdsiz keçəm, Duruşu qəm, baxışı qəm. Ağlar Bəsti taleyi kəm, Durmaz gözdə yaş, ay gəlin. * * * Daşa dəydi Məhəbbətim daşa dəydi, Könlümün çırağı söndü. Gəşt edirdi ərş-əlada, Tərlan quşum yerə endi. Mənim işim ahü-zardı, Can verən yaralı yardı. A dağlar, cəlalım vardı, Bu dünyam tərsinə döndü. Məni şahmar ilan çaldı, Dərdsiz canım dərdə saldı. Desələr Bəsti necoldu, Deyin atəşlərə yandı. * * * Düşdü Başım üstdən bulud keçdi, Göz yaşı çəmənə düşdü. Xəbər aldı Xançobanı, Şivən qurmaq mənə düşdü. Ağı deyib çox ağladım, Göydə buludu saxladım, Daş-torpağı qucaqladım, Ah-naləm vətənə düşdü. Bəsti neylər daha Löyü, Bay olmasm bəylər bəyi. Ünüm tutdu yeri-göyü, Dağ dumana, çənə düşdü. * * * Düşsün Müxənnətə can deyənin Dili düşsün, dili düşsün. Vədəsiz göy zəmisinə Dolu düşsün, dolu düşsün. Dil dedim, ağladı cahan, Bir sirrim qalmadı pünhan, Yurdu olsun yerlə-yeksan, Üstdən elin yolu düşsün. Düşmənlə kim peyman bağlar? Sinəmdən getməyib dağlar, Bu Bəstini qoyub ağlar - Zalım bəyin qolu düşsün! * * * Gəldi Göz dikmişdim ağ buluda, Yağa-yağa qara gəldi. Səhər burdan qalxan duman Qayıtdı, dağlara gəldi. Ey xudaya, nə gərdişdi, Uzaqlara şimşək düşdü. Can üşüdü, tük ürpəşdi, Könül ahü-zara gəldi. Ağçmqıldan endi sürü, Boş qaldı dağların səri, Bəsti deyir: bir bax bəri, Xançobanım hara gəldi? * * * Görəydim Dağlarda lalə, nərgizi, Gülləri dəstə, görəydim. Yasəməni, qızılgülü, Dərəydim, dosta verəydim. Gül dərməsin, a yağımı, Çəkər piltə, a yağımı. O yağının ayağımı, Məzarı üstə görəydim. Yoxdur, Xançobanım hanı? Uçub dağların bir yanı. Bəsti, səni ağladanı, Şivəndə, yasda görəydim. * * * Heç Gah ağladım, gah sızladım, Şad olmadım, gülmədim heç. Qara gəldi, ayım, ilim, Ömür getdi, bilmədim heç. Ağçmqılda gözüm qaldı, Sinələrdə sözüm qaldı. Güllər düzüm-düzüm qaldı, Yara gül də dərmədim heç. Ayrılıq mənə dərd oldu, Zamana çox namərd oldu, Ev-eşiyim yer-yurd oldu, Bəsti, Löyü görmədim heç. * * * Hicran-qəmdi Ağçınqıldan qalxan duman, Görüşünə yoxdu güman. Könül istər, əlim yetməz, Həsrət qaldım, aman, aman. Qoyun otlar, quzu mələr, Bu könlümdən keçər nələr?! Aman dağlar, bir ah çəksəm, Dağı dələr, daşı dələr. Bəstininki hicran-qəmdi, El bilir taleyi kəmdi. Min dəfə gülə, danışa, Könlü küskün, gözü nəmdi. * * * İnanmır Bir qəmli bülbüləm, Güllər inanmır. Məcnunsuz Leyliyəm, Çöllər inanmır. Göz yaşım sel olur, Göllər inanmır. Bir qərib yolçuyam, Yollar inanmır. Deyirəm həsrətəm, Qollar inanmır. Sözüm dastan olub, Tellər inanmır. Aşıq Bəsti mənəm, Ellər inanmır. Sinnim doxsan olub, İllər inanmır. * * * Kəklik Qah-qahın alır canımı, Canım oda yaxan kəklik. Sən ki, belə sitəmkarsan, Ya soltansan, ya xan, kəklik. Qayada-daşda gəzərsən, Çəməndə gülə bənzərsən. Gəlin kimi bəzənərsən, Açılıbdı yaxan, kəklik. Bəsti deyər: pis günümdə, Gəl oxuma, nəs günümdə. Ağçınqılda, yas günümdə, Ələ xına yaxan kəklik. * * * Məni Sənə qurban olum, ata Verme bir ağ yala məni. Qulaq as ahı naləmə Venne bir ağ yala məni, Salma qeylü-qala məni. Gün çıxanda günlə durram, Tendir sallam, xana qurram, Cüte getsəm iyid yorram Bibi, çəmə ala məni, Salma qeylü-qala məni. Adımı qoydular Bəsdi, Qardaş kəleyim kəsdi, Öldürməkdi meni qesdi Atam bilmir bala məni, Salıb yaman hala məni. Qurbanam qohum-qardaşa, Rəhm et gözden axan yaşa, Puç ömrü vurmadım başa Ana, vermə çala məni, Salma qeylü - qala məni. Yaşı keçib olub əlli, Ağ tükü qaşmdan bəlli, Acı sözlü, zəhər dilli, Dilə tutma, xala, məni, Ana, vermə çala məni. Oğlan, de bir nədir adm? Bilmədim eşqinin dadın. Allahım versin muradm. Salma qeylü-qala məni, Babam verir çala məni. Bəsdi deyər: yandım, yandtm, Allah adı olsun andım, Zəher şərbətinden qandım Babam saymır bala ineni, Salıb qeylü-qala məni. * * * Niyə durnam Durnam, getmə, qatar-qatar, Səni mənim ahım tutar. Məni də özünlə apar, Apar məni Löyə, durnam. Durnam gedər qatar-qatar, Kərəm desə, lələk atar. Kərəm yatmaz, Lələ yatar, Niyə durnam, niyə durnam? Bəsti, yada düşdü yurdum, Xan Kərəmdən azmı dərdim? Nə toy-düyün, nə şan gördüm, Niyə durnam, niyə durnam? * * * Lalə Yarın qanlı köynəyi tək, Qızarır yol üstə lalə. Xan Çobanı gətir dilə, Bir şirin can istə, lalə. Dərdim dönüb hekayətə, Canım dozər bu zillətə, Yar məzarın ziyarətə, Gəlib dəstə-dəstə lalə. Hara getsən, gələrəm mən, Ahu kimi mələrəm mən, Bəsti deyər, ölərəm mən, Bu dağlardan getsə lalə. * * * Löydə qalıb Yolçunu yoldan eyləmə, Bala, sazım Löydə qalıb. Qocalmışam, itib huşum, Cəmi sözüm Löydə qalıb. Köhnə dərdim təzələmə, Yara üstə duz ələmə. Qocalmışam, söz eləmə, Zər-qotazım Löydə qalıb. Vədə olub yar olmuşam, Mən də baxtavar olmuşam. Ağlamaqdan kor olmuşam, Bəsti, gözüm Löydə qalıb. * * * Oldum Gecə-gündüz ağlamaqdan Qəm evində dustaq oldum. Bu dünyanın dərdi-qəmin Yarı böldüm, ortaq oldum. Bağ saldım, barm dərmədim, Dolandım, bağa girmədim. Ləl idim, sərraf görmədim. Can çürüdü, torpaq oldum. Bəsti, dünya olmayaydı, Səni dərdə salmayaydı, Bina tutub qalmayaydı, Xoş günümdən iraq oldum. * * * Oyan dağlar Bəstinin ah-naləsindən Oyan, dağlar, oyan, dağlar. Qan damır dağ laləsindən, Sən də qana boyan, dağlar. Kəkliklərin qaqqıldaşı, Ayağı qan eylər daşı, Sel-sel oldu gözüm yaşı, Hünərin var dayan, dağlar. Bəylər bizi gətdi cana, İgidləri saldı qana, Ayrı eli zülmətxana, Bəs necədir o yan, dağlar? * * * Öldür məni Dedim: fələk öldür məni, Nə öldürdü, nə güldürdü. Ağlatdı, yaylıq vermədi, Gözüm tikanla sildirdi. Gül yerinə, tikan verdi, Gün vermədi, duman verdi. Bizlərə zimistan verdi, Gücünü bizə bildirdi. Tez ayrıldıq dağlardan biz, Çöldə qaldı, lalə, nərgiz, Çeşmələri axdı göz-göz, Bəstini təşnə öldürdü. * * * Sənin Dağlar səndən xəbər alım, Hanı o büsatın sənin? Söylə, hanı etibarsız, Əziz mehmanatm sənin? Samavor niyə qaynamır, Ulduz stəkan oynamır. Çoban qonağı taylamır, Çıxıb qiyamətin sənin. Bəsti bir gülmədi haşa, Sinəndə gəzmədi qoşa. Nəsib olmadm sirdaşa, Hanı etiqadm sənin? * * * Yasdı dağlar Ay dağlar, yasdı dağlar, Qar, duman basdı dağlar. Yarı yardan ayırmaq, Səndə həvəsdi, dağlar. Ay dağlar, yasdı dağlar, Ot səni basdı, dağlar. Gəl bir də qan eyləmə, Qan etdin bəsdi, dağlar. Ay dağlar, yasdı dağlar, Acı yel əsdi, dağlar. Səndə üzü gülmədi, Ağladı Bəsti, dağlar. * * * Yeri Tala-tala ağ buludlar, Karvan bağla, Löyə yeri. Sən ağlama, mən ağlaram, Ağı deyə-deyə yeri. Acçınqıla çatar ağla, Düzül qatar-qatar ağla. Oyanmaz, yar yatar ağla, Ahım qalxdı göyə, yeri. Çox ağlar, Bəsti qəribdi, Fələkdən zülüm görübdü, Meylini saza veribdi, Bir də qəmli neyə, yeri. * * * == Qoşmalar == A bəy A bəy, nə gəzirsən hallı-havalı, Süleyman mülkünün yiyəsi kimi? Nədəndir yaxşının başın kəsməyə Hazırsan xəncərin tiyəsi kimi?! Güvənmə sən dövlətinə, varına, Lənət olsun qeyrətinə, arına. Haqdan zəfər dəysin bürcü-barına, Lüt qalginən palaz iynəsi kimi. Ağladım doyunca, gülmədim haşa, Bir ah çəksəm, dağlar gələr baş-başa. Bəsti deyər: səni də düş ataşa, Yan novruz şamının piltəsi kimi. * * * A Qurban Acı ruzgar döydü ömür qapımı, Qara döndü ağ dövranım, a Qurban! Dağlarımı duman aldı, çən aldı, Zülmət oldu asimanım, a Qurban! Bu yazıq canımı gətirdi cana, Ədalətsiz divan, zalım zamana, Atəşə pərvanə, oxa nişanə, Piltəyə şam oldu canım, a Qurban! Tər şamama bu tağlardan kəsildi, Ömr ağacı budaqlardan kəsildi. Tütək səsi bu dağlardan kəsildi, Hayıf oldu Xançobanım, a Qurban! Aylarım bəd gəlib, illərim nəsdi, O azca ülfəti fələk də kəsdi, Dünya zindan oldu, məhbusu Bəsti, Yaşamağa yox gümanım, a Qurban! * * * Ay anam mənim Dərdim elə artdı, Kürü də keçdi, İndi hara gedim, ay anam mənim?!. Gözlərimin yaşı qanıma keçdi, İndi hara gedim, ay anam mənim?!. Aşıq olub dildən-dilə düşmüşəm, Gəzə-gəzə eldən-elə düşmüşəm. Səhralar gəzmişəm, çölə düşmüşəm, İndi hara gedim, ay anam mənim?!. Nə Həkəri qaldı, nə də Ərgünəş, Yandım eşq oduna, can oldu atəş. Bəstiyəm, olmuşam, bir yaralı quş, İndi hara gedim, ay anam mənim?!. * * * Bilginən Yaxşı tanı Ələsgəri, Qurbanı, Neçə belə nər aşığı bilginən. Qiymət qoysan gəraylıya, qoşmaya, Nəzmindəki yaraşığı bilginən. Vaxtsız daşım qurbət elə atıldı. Nə dərd desən mənim üçün tapıldı, Ağlamaqdan gözlərim də tutuldu, Getdi gözün nur ışığı bilginən, Heç bilmirəm nələr yatır sinəmdə, Mən çəkəni, çəkməz, Əsli, Kərəm də, Şirin can çürüdü möhnətü-qəmdə, Bəsti görüb Sənan Dağı, bilginən. * * * Bilmirəm Uçubdu könlümün bürcü-barısı, Neçə bənna ilə hörə bilmirəm. Ağlamaqdan tor gəlibdi gözümə, İşıqlı dünyanı görə bilmirəm. Əyibdi qəddimi çərxi-zamana, Qiymət qoyan yoxdu yaxşı-yamana, Gədələr bəy olub girib meydana, Bəs kim dözər bu dağlara, bilmirəm?! Əzəl gündən qara gəlib ruzgarım, Bu qəmü möhnətdən artıb azarım, Qəlp çıxıb mətahım, yoxdu bazarım, Bəstiyəm dərdimə çara bilmirəm. * * * Bu dünya Məleykə boyludur, şirin ləhcəli, Əzəldən tamaşa olan bu dünya. Qoca cadugərdi aldadar səni Cavanlıq donunda qalan bu dünya. Qananı eyləyib talesiz, baxtsız, Əyibdi qəddini, qocaldıb vaxtsız, Çoxlarmı qoyub eyvan-otaqsız, Varlının dərdinə qalan bu dünya. Qəmdən pay götürdüm, nalədən qismət, Görmədim bir ləzzət, çəkdim əziyyət, Canda eşq atəşi, dildə məhəbbət, Bəstini odlara salan bu dünya. * * * Burdadı Yazda Əmirvara qonaq getmişdim, Gözəllərin say-seçməsi burdadı. Hansına pis desəm, dilim lal olar, Ağ güllərin tər qönçəsi burdadı. Gözəllikdə tay tapılmaz bu yurda, Baxdım gözəlləri xəlq olub nurda. Qazanbatan burda, Durnalı burda, O dağların –sər çeşməsi burdadı. İnciməsin Rəsullunun qızları, Gözəllərin aydı-gündü üzləri. Bəsti deyər: heyran qoydu bizləri, Qız qızıldı, saf külçəsi burdadı. * * * Dəyməmiş Varmı ürəyinə zalım dövranda, Fələyin əlindən zədə dəyməmiş. Namərdin ucundan, nadan dilindən, Çatıb qulağma hədə dəyməmiş. Demirəm mələyəm, nə də ki, göyçək, Sözümdə yalan yox, gerçəyəm, gerçək. Ötməyib böyrümdən bir erkək milçək, Astanama sultan, gədə dəyməmiş. Bəstiyəm, odlara qalandı canım, Bu tənəyə necə dözüm, dayanım. Gəlmədi ağ günüm, təzə dövranım, Düşmən yummaz ağzm pedəl dəyməmiş. * * * Düşmüşəm Məcnunsuz çöllərin Leylisiyəm mən, İtkin yarm sorağına düşmüşəm. Yaxşı Aşiqilə gəzir çəməndə, Həkərinin qırağma düşmüşəm. Şirinin beynində eşqin əsəri, Fərhad qayalara vurar düsəri. Kirpik qatlamıram o gündən bəri, Yata bilməm, qəm dağma düşmüşəm. Əslini yandırıb, gözləyən fələk, Namərdlik məqamm gözləyən fələk. Bəstini ölüncə izləyən fələk, Öldür qurtar, ayağma düşmüşəm. * * * Eylər-eylər Ay camaat, xəstə düşüb ölürəm, Dərdimə dərmanı yar eylər-eylər. Həsrət qaldım yarın uca boyuna, Yanar canım ahu-zar eylər-eylər. Anam gəlib kəsdirəydi yanımı, Yar demərəm, şaxta vurar canımı. Yay dolusu döyər bağ-bostanımı, Alçaq dağlarımı qar eylər-eylər. Fələk, sənlə çox eylərəm savaşı, Ahımdan dumandı dağların başı. Üzümü yandırır gözümün yaşı, Ağlamaq Bəstini kor eylər-eylər. * * * Ərgünəş Xançobanım nə söylədi, nə dedi? Ayrılanda qucağından, Ərgünəş! Mən ki, səni ziyarətə gəlmişəm, Qaldır, öpüm ayağından, Ərgünəş! Birdən-birə xoş əhvalım qarışdı, Sızıldadı, sümüklərim sancışdı. Odsuz, közsüz şirin canım alışdı, Od almamış ocağından, Ərgünəş! Bu dağlarda neçə Leyli ağlamış... Bəsti kimi dağı, daşı dağlamış. Yardan bizə nə nişanə saxlamış, Nə taparam torpağından, Ərgünəş? * * * Gəlibmi Dinib-danışsana, ay aşıq Bayram, O bizim dağların yazı gəlibmi? Əriyibmi o dağların qış qarı, Ağçınqıla qoyun-quzu gəlibmi? Yellər çırpınırmı, arana sarı, Sellər uçururmu, barı-hasarı. Nərgizlər, lalələr gülürmü barı, Dağların bənövşə qızı gəlibmi? Heyif ki, vədəsiz talandı Bəsti, Min yol talansa da, qalandı Bəsti. Sazıynan-sözüynən dolandı Bəsti, Bəstinin dağlara sözü gəlibmi? * * * Getdi Kəpəzə, Qoşqara nəğmə qoşardı, Bizim bu dağlarm Qurbanı getdi. Daha gəlməz səsi eldən, obadan, Getdi, aşıqların sultanı getdi. Aşıqlarm ürəyiydi, gözüydü, Məclislərin söhbətiydi, sözüydü. Elə bil ki, Ələsgərin özüydü, Axtarma gözlərim, cahanı getdi. Biz sayanlar qaldı, fələk nə saydı, Aləm deyər: Bəsti kiri, nə vaydı. Kəlmələri dərdimizə davaydı, Dərdli ürəklərin loğmanı getdi. * * * Getdi (Köçdü Xançobanım fani dünyadan) Köçdü Xançobanım fani dünyadan, Nərgizlər dağlarda bitməmiş getdi. Qaranquş eyvanda yuva qurmamış, Quşlar bala üstə yatmamış getdi. Ağçınqıl bəzəndi, cunalı qaldı, Kəkliyin əlləri xınalı qaldı. Gölləri ördəkli, sonalı qaldı, Heyif, yar muraza yetməmiş getdi. Gözəllər yığnağı, çeşmələr başı, Qızların dəstəsi bir üzük qaşı... Bəsti fəğan eylər, ağladar daşı, Ağ əllərin xına tutmamış getdi. * * * Gördünmü Gedən karvan, əylə görüm köçünü, O yollarda Xançobanı gördünmü? Söylə, nə buyurdu, söylə, nə dedi? Ver bir nişan, o cavanı gördünmü? Söylə, dumandımı dağların başı, Buludlar tökürmü leysan göz yaşı? Baxırmı yollara qərib başdaşı, O dağlarda pərişanı gördünmü? Qara gəldi bu Bəstinin dünyası, Çatdı bülbüllərə qəmi, naləsi, Kəsildi dağlardan tütək, ney səsi, Necə susdu, o tərlanı gördünmü? * * * Hanı Özgələr yanında döymə sinənə, Aşığam deyirsən, avazın hanı? Saza bağlamısan çarıq bağını, Naxışlı saz bağın, qotazın hanı? Yonublar sazını qara taxtadan, Çən tutubdu, təzə düşüb taxçadan. Bir bəzəkli çit tapaydın boxçadan, Qara don geyinmiş, o sazın hanı? Buluda dəyəndə Bəstinin səsi, Onu eşidənin gəlir həvəsi. Oğlan, yeməmisən usta şilləsi, Ustaddan yadigar qapazın hanı? * * * Kor oldu Gözün baxa-baxa, qızın kor oldu, Dərdin nə böyükdü, ay anam mənim! Yazda-yayda dağlarını qar aldı, Dərdin nə böyükdü, ay anam mənim! Bir yar sevdim, yarımadım yarımdan, Ellər zara gəldi, ahı-zarımdan. Mən dönə bilmədim, düz ilqarımdan, Dərdin nə böyükdü, ay anam mənim! Bəsti, yandım, alov qalxdı başımdan, Çay selləndi, gözlərimin yaşından. Ayrı düşdü, torpağından, daşından, Dərdin nə böyükdü, ay anam mənim! * * * Necoldu Başına döndüyüm, ay uca dağlar, Səndə gəzən ağır ellər necoldu? Ala çayvan-çadır, dəyə quranlar, O polad biləklər, qollar necoldu? Söylə bir, növrağım niyə pozuldu? Ay günüm üstünə qara yazıldı, Cəfa gördüm, əlim-əldən üzüldü, Su üstünə gələn yollar necoldu? Canım ola hilal qaşm əyrisi, Dərdin çəkən varmı, məndən qeyrisi? Vur başma, ağla illər ayrısı, Bəsti, soldu çəmən, güllər necoldu? * * * Ay olmaz Zülmü şəbahətdə bəylərin tayı, Olmaz bu dünyada, olmaz, ay olmaz. Nə yar yara yetər, bir murad alar, Bir kimsə vay olmaz, olmaz ay olmaz. Hər nə görsə deyər, külli-var mənim, Alma mənim, heyva mənim, nar mənim, Söndürdü çırağım biilqar mənim, Çeşmim kimi bir çay olmaz, ay olmaz. Çox axtardıq tapammadıq bir çara, Bəylər günümüzü eylədi qara, Bunlar ki, var Bəsti daha dağlara, Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz. * * * Soruş Nəyinə gərəkdi, gəlinəm, qızam, Bunu özümdən yox, ellərdən soruş. Dilinlə ürəyin bir qərar olsun, Düzü düz danışan, dillərdən soruş. Boş danışma, boş başına zor olar, Boş başına dünya bir gün dar olar. Öz sözün özünə əqrəb, mar olar, Taleyini gələn illərdən soruş. Taleyimin sultanı mən, xanı mən, Dürüst bax, Bəstiyəm, yaxşı tanı, mən. Başına çevirrəm bu dünyanı mən, Dünyanı düz gəzdim, yollardan soruş. * * * Yavaş-yavaş Dolu döyüb bizi, bir də döyməsin, Bulud qəzəblənmə, yağ, yavaş-yavaş. Ağçınqıldan qara çəni kənar et, Görünsün gözümə ağ, yavaş-yavaş. Atdaş yaylağıdı ellərə bəlli, Min bir bulağı var, dərəsi selli, Görüm Löyü, qəlbim tapsın təsəlli, Dumanı dağlardan yığ, yavaş-yavaş. Bəsti deyər: gözdə qaldı murazım, Həyanım yollardı, bir də ki, sazım. Hələ ki, ellərdən gəlir avazım, Deyirlər, yaşayır, sağ, yavaş-yavaş. * * * Yerində Mən sənə nə deyim dağlar, a dağlar, Qoymadın qalmağa yarı yerində. Quşdil3 Süleymana xəbər eyləyin, Dünyayam, durmuşam, qarı yerində. Dərdimi söylərəm, bəylər qan eylər, Qaşqabağın tökər, dağ duman eylər. Fələk məni hər gün imtahan eylər, Görəndə ağlaram, sarı yerində. Sevgi hekayətim bulaqda qaldı, Qurudu göz yaşım yanaqda qaldı. Bəsti, gülməyimiz nə vaxta qaldı? Qoymazlar danışım, barı yerində. * * * Tapılmaz Üzülübdür canım el tənəsindən, Hamı deyər, Bəsti evdə tapılmaz. Bir sahıdı, bir sözüdü, bir özü, Bir beləsi daha Löydə tapılmaz. Bu qınağa vallah, mənəm dözürəm, Usanmışam, ölməyə də hazıram, Dərdimi deməyə divan gəzirəm, Yerdə axtarıram, göydə tapılmaz. Hanı Xançobanım, o qoca dağlar, Tutulub gözlərim, görməyir, ağlar, Nə tez viran oldu bağçalar, bağlar, Barlı kollarımda meyvə tapılmaz. * * * == Bayatılar == Bayatılar Əzizinəm oy dərdim, Oy dərmanım, oy dərdim. Girdim yarın bağına, Gül yerinə, oy dərdim. - A Bəsti, bulud ağlar, Göy kişnər, bulud ağlar. Səni qəhər boğanda, Gözündə bulud ağlar. - Ağlamasın neyləsin, Dərdin kimə söyləsin. Bəsti xəstə ha deyil, Loğman çarə eyləsin. - Bəstini qəmi üzər, Dərdi-ələmi üzər. Gözün yaşı göllənsə, İçində gəmi üzər. - İçimdəki dağımdı, Sinəm xəzan bağımdı. Ahım əsən küləyim, Gözlərim bulağımdı. - A Bəsti, baxar doymaz, Yandırar, yaxar doymaz. Baxdıqca gözlərimdən, Qanlı yaş axar doymaz. - Xançoban, el götürər, Torpağı bel götürər. De, Bəsti, ağlamasın, Qəbrini sel götürər. - Dağların daşı mənəm, Bulağın başı mənəm. Yar deyib, kim ağlasa, Gözünün yaşı mənəm. - Bəsti deyər: dəryada, Gəmim qalıb dəryada. Qağladım, göz yaşımdan, Doldu, daşdı dərya da. * * * == Mahnılar == Ana Ay məlul ana, Ay zəzlil ana. Ay müşkül ana, Ay düşkün ana. Gedirəm axı, Gedirəm axı. Dağın dalında, Suyun yolunda. Ayrım elində, Bir yar sevmişəm, Gedirəm axı, Gedirəm axı. Bəsti gülmədi, Eynin silmədi. Kimsə bilmədi, Bir yar sevmişəm, Gedirəm axı, Gedirəm axı. * * * Sevirəm, axı Ay gözəl bacı, Başımın tacı. Nədir əlacı, Sevirəm, axı. Sevirəm, axı. Özü bir çoban, Dağlara soltan, Halım pərişan, Sevirəm, axı. Sevirəm, axı. Eşqində naçar, Qoşulub qaçar, Bəsti dil açar, Sevirəm, axı. Sevirəm, axı. * * * == Müxtəlif şeirlər == Bənövşələr O yar gəzən oylaqlarda, Bir də açdı bənövşələr. Səpələndi dağa-daşa, Yaldan aşdı bənövşələr. Yaralı bülbüllər kimi, Kola düşdü bənövşələr. Yarəb, o Tutqu çayını, Necə keçdi bənövşələr? Bir quş kimi yoxa çıxdı, Hara uçdu bənövşələr? Bəsti, Xançobanım kimi, Vaxtsız köçdü bənövşələr. * * * Əylənməz Meyvələri kal-kal düşər, Hər ağacda bar əylənməz. Uca dağlar saxlar qarı, Alçaq dağda qar əylənməz. İtkin yarı soraqlaşdım, Alçaq, uca dağlar aşdım. Səni gördüm, yolu çaşdım, Yox, bu yerdə yar əylənməz. Bəstini yandırıb-yaxdın, Sən hardan uğruma çıxdın? Qara pula dönsün baxdın, Ac qarında var əylənməz. * * * İstərəm Könül verib sevdiyimi, Hamıdan başda istərəm. Dörd yanında ağ sürüsü, Qənşərdə, döşdə istərəm. Alı kimi igid ola, Cəngi-savaşda istərəm. Qisas ala zalımlardan, Onu hər işdə istərəm. Atışmada güllə dəyər, Kəkliyi daşda istərəm. Bəsti, qoy yansın bu canım, Odda-atəşdə istərəm. * * * Qeyrət eylə Gəldi, şura gəldi, El, qeyrət eylə. Yorulma, usanma, Əl, qeyrət eylə. Su basar dəhnəni, Bel, qeyrət eylə. Nizam ordu gəldi, Yol, qeyrət eylə. Susma, telli sazım, Tel, qeyrət eylə. Bəsti, bir tərif de, Gəl, qeyrət eylə. Çal-çağır, çal-çağır, Dil, qeyrət eylə. * * * Qurban olum Söylə, Löydənmi gəlirsən? Yollarına qurban olum. Ağçınqıldan gül dərdinmi? Əllərinə qurban olum. Daş bulaqdan su içdinmi? Dillərinə qurban olum. Bəzənibmi Tamaşalı? Çöllərinə qurban olum. Aşıbmı maral çiçəyi? Güllərinə qurban olum. Tərtərim qan-qan deyirmi? Sellərinə qurban olum. Dağlara bahar gəlibmi? İllərinə qurban olum. * * * Səni min yaşa, ay Məhəmməd Hünərinə el hayrandı, Səni min yaşa, ay Məhəmməd! Camalına can qurbandı, Boyun tamaşa, ay Məhəmməd! Beşaçılanın gülləsindən, Dağlar titrəyir səsindən. Koroğlu tək nərəsindən, Gözlər qamaşa, ay Məhəmməd! Sən Bəstinin tərlanısan, Bu dağların aslanısan. Bu könlümün dastanısan, Sən gəl, keç başa, ay Məhəmməd! * * * Tək bəndlər Alçaq dağlarıma qar yağdı, yağdı. Üstündən göz yaşım yar yağdı, yağdı. Bir dəfə ürəkdən gülə bilmədim, Göydən od ələndi, qor yağdı, yağdı. - Yaralandı cavan canım, Mən olanı necə danım? Çəmənlərə axdı qanım, Keçib candan ox, ay bülbül. - A göy dağlar, göyən dağlar, Başı göyə dəyən dağlar. Bəstisinin dərdin görüb, Qəmdən libas geyən dağlar. * * * == Deyişmələr == Ərlə arvadın deyişməsi Arvad Kişi, mənə yaxşı paltar al gətir, Boşanaram günü qara düşərsən. Ər Məndən yaxşı eldə səni kim saxlar, Burdan gedər qeyri hala düşərsən. Arvad Məndən yaxşı kimdi qızda, gəlində, Löy kəndində, gəzsən ayrım elində? Yaxanı qoyaram yetim əlində, Ah-vay çəkib, ahı-zara düşərsən. Ər Arvad, səndən gözəl birin alaram, Bir qul olub qulluğunda qalaram. Yəqin bil ki, səni gözdən salaram, Filan kimi qapılara düşərsən. * * * == Rəvayətlər == Bəsti və çoban Xalq içərisində Aşıq Bəsti ilə çoban haqqında belə bir rəvayət də yaşamaqdadır. Yayın oğlan çağı idi. El yaylağa köçmüşdü. Löyün alaçıqları Ağçınqılda qurulmuşdu. Aşıq Bəsti dağa gedirdi. Yolda bir çobana rast gəldi. Tanımadı. Çoban isə onu lap uzaqdan tanımışdı. Çoban mindiyi eşşəyini yavaşıtdı. Bəstinin hazırcavablığını yoxlamaq üçün belə bir bayatı çəkdi: Əziziyəm mən zamın, Bağda gülə mən zamın. Qız, gəl üzündən öpüm, Ləkə düşsə mən zamın. Bəsti çobanı heç nəfəsini dərməyə qoymadı. Zildən bayatıladı: Əziziyəm mən zamın, Bağda gülə mən zamın. Düş, qoy atan otlasın, Əgər qaçsa mən zamın. Çobanı peşmançılıq təri basdı. O, bir bayatı da çəkdi: Əzizim gördü günü, Ay çıxdı, gördü günü. Mərdlərin qaydasıdı, Söyləməz gördüyünü. Bəsti çobanı yenə də cavabsız qoymadı: Əzizim gördü günü, Ay çıxdı, gördü günü. Aşığın qaydasıdı, Dastan elər gördüyünü. Çoban Bəstidən üzr istədi. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-besti İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.