Aşıq Əsəd. Əsərləri Aşıq Əsəd (1874–1951) == Qoşmalar == Bilməzsən Kamil bağban bağ becərər, gül əkər, Sahibi var onun, üzə bilməzsən. Sınar qol-qanadın, düşərsən yerə, Tutar səni qəhri-qəza bilməzsən. Laçın olub səmalarda süzmüşəm, Şonqarların savaşına dözmüşəm, Mən qəvvasam dəryalarda üzmüşəm, Sən qəvvas deyilsən, üzə bilməzsən. Gözəllər hüsnünə çoxdanam heyran, Çıxdım şikarına, alagöz tərlan, Əsədin dərdinə elə sən dərman, Bağrının başını əzə bilməzsən. * * * Biri nə Səhər-səhər üç gözələ tuş oldum, Eyhamınan salam verdim birinə. Hər üçü də bir-birindən sevməli, Biri Badam, biri Püstə, biri nə? Birisi yamşaqlı, birisi şallı, Birisi ağ sifət, yanaqlar allı. Üçü də möcüzə, dilləri ballı. Bir gül tək oxşayır biri-birinə. Dedim, belə məxluq görməmişəm mən, Dedilər, anladıq, vuruldun həmən. Dedim siz üçlüyə deyirəm əhsən, Əsəd də aşiqdir üçdən birinə. * * * Döndüyüm Yalvarıram, qoca demə amandır, Qocalıqda sevmək daha yamandır. Aşiq könlüm hər fəsildə cavandır, Qış başına, yaz başına döndüyüm. * * * İndi A beymürvət, mən ha səndən ötəri, Düşmüşəm çöllərə, sayılam indi. Can çıxar cəsəddən, dur aşkara gəz, O mah-camalına mayılam indi. Dərdli Məcnun kimi, bəlaya tuşam, Mən sənin dərdindən billah,bihuşam. Mey ki içməmişəm, niyə sərxoşam? Əmsəm ləblərindən, ayılam indi. Gördüm camalını, bu nə həvəsdir? Ruhum gedib, cismim quru qəfbsdir. Bu dərdi-möhnətin Əsədə bəsdir, Öldürürsən öldür, qayılam indi. * * * Qabağında Kamil ustadların gülün dərməsən, Həqiqəti sinəm üstə sərməsən, 73 havadan xəbər verməsən, Ölüm yeydi sənə el qabağında. * * * Minayəsənmi Müddətdir düşmüşəm mən intizara, Bircə söylə görüm Minayəsənmi? Zoddu Abdullanı salan azara, Bircə söylə görüm Minayəsənmi? Doldurub gətirsən mey piyaləsi, Canım alır ala gözün şöləsi. Ay beimürvət biinsafın balası, Doğru söylə görüm Minayəsənmi? Əsəd geşt eylədi Bakı, Salyanda, Vəsfin söylənirdi ol Dağıstanda, Heç kim olmaz bu şövkətdə, bu şanda, Doğru söylə görüm Minayəsənmi? * * * Nə bilsin Ay üstə, gün üstə söyləyən aşıq, Türkünü bilməyən, farsı nə bilsin. Oxumayıb əlif, beydən qanmayan, Sən verən öyüdü, dərsi nə bilsin. Özgəsin nə bilər özün bilməyən, Əyrisin nə bilər düzün bilməyən, Məclislərdə doğru sözü bilməyən, İşin avandını, tərsi nə bilər. Sınıq könül cəfasına dözməyən, Elm oxuyub ərəb, farsı bilməyən, Gəşd eyləyib bu dünyanı gəzməyən, Şamı, Ərzurumu, qarsı nə bilsin. Əsədnən meydanda qoşa düşməyən, Aşıqlıq elmindən başa düşməyən, Ustadın əlindən badə içməyən, Yeri, göyü, ərşi-gürşü nə bilsin. * * * O gözəldi, bu gözəl Nagah yerdən üç gözələ tuş oldum, Biləmmədim, o gözəldi, bu gözəl. Camalları bənzər bayram ayına, Seçən yoxdu, o gözəldi, bu gözəl. Birisi sultandı, əyləşib taxtda, Biri kəşt eyləyir kefdə,damaqda. Birinin gözləri canlar almaqda, Seçəmmədim, o gözəldi, bu gözəl. Əsəd girməz hər məclisə, hər toya, Zəhməti, zilləti getməsin zaya. Sərraflar yığışıb qiymətin qoya, Qoy desinlər, o gözəldi, bu gözəl. * * * On il qulluq etdim mən Ələsgərə On il qulluq etdim mən Ələsgərə, Sidqimi bağladım etiqadına. Hər nə desə, qəbul etdim sözünü, Məni də yetirdi haqq baratına. On il qulluğunda dayandım, dözdüm, Dilindən nə çıxdı, sinəmə yazdım. Qırx beş il dünyanı dolandım, gəzdim, Bələd oldum yerin yeddi qatına. Yaxşını götürdüm, yamandan qaçdım, Oxudum, sinəmin dəftərin açdım. İyirmi beş yaşında qaynadım, coşdum, Otuz yaşda mindim eşqin atına. Eşqin səməndini hər yana çapdım, Mərd ilə namərdi axtarıb tapdım. Heç könül yıxmadım, çox könül yapdım, Göz qoydum dünyanın hər büsatına. Əsəd deyir, ustada son qoyanın, Pünhanda laf edib, özün öyənin, Ustad sözün öz adına deyənin Lənət gəlsin onun əsli-zatına! * * * Gəlincə Dostum, mənə vədə verdin, gəlmədin, Çox çəkərəm ahü zarı gəlincə. Xəstə kimi sızıldaram sübhədək, Yata bilməm gecə yarı gəlincə. Gözəl gərək sirr saxlaya dərində, Ağlı, huşu, etibarı sərində. Məcnun kimi durram vədə yerində, Gözləyərəm düz ilqarı gəlincə. Bir namə vermişəm sübhün badına, Yoxsa mən düşmərəm onun yadına? Yanar cismim, atəşinə, oduna, Çəkər könlüm intizarı gəlincə. Ruhum bağlı qalıb siyah telində, Zənbur bal bağlayıb şirin dilində. Əsəd deyir, gözüm qalıb yolunda, Çıxır canım bizə sarı gələncə. * * * Sən məni Sənə neyləmişdim mən bəxti qara, Niyə saldın bu azara sən məni!? Hər nə desən, əmirindən qaçmıram, Qul adına çək bazara sən məni. Yusif də qul oldu o Züleyxaya, Kərəm Əsli deyə girdi kilsaya. Onlar kimi məni saldın sevdaya, Tüccar etdin ahü zara sən məni. Bağban oldum, bağda barı gözlədim, Vaxt addatdı, gecə yarı gözlədim, Doğru sözü, etibarı gözlədim, Bənd eylədin düz ilqara sən məni. Gözüm qaldı gözlərinin məstində, Cəllad qaşın durub canım qəsdində. Xəstənin dərmanı sinən üstündə, Həsrət qoydun bir cüt nara sən məni. Niyə qoydun yana-yana Əsədi? Yetirmədin bir dərmana Əsədi. Eyləyibsən bir pərvana Əsədi, Yandırırsan, ay Sitara, sən məni. * * * Səni Yerin alt qatına çox da əl atma, Götürübən yerə vurarlar səni. Laf edib deməynən dünyada mənəm, İynətək nəzildib sorarlar səni. Aç gözünü tanı mar qabaqdadı, Yağdırar başına qar qabaqdadı, Adı dildə olan car qabaqdadı, Pələnglə döyüşmə, cırarlar səni. Əsəd də dünyada qəmə dalarmı? Naşı olsa dəryalara dalarmı? Beş uşaq atası eşqə dalarmı? Axta erkəklərtək burarlar səni. * * * Üç il, beş il, on beş il Yaxşı dostun mən sirrini açmaram, Assalar da üç il, beş il, on beş il. Namərd süfrəsində təam yemərəm, Kəssələr də üç il, beş il, on beş il. Nəsli əyri olan özü düz olmaz, Mərd igidin səxavəti az olmaz, Bivəfanın əhd-ilqarı saz olmaz, Yoxlasan da üç il, beş il, on beş il. Paxır kəsən dəmir polad qat olmaz, Bədəsildə nə kök, nə də zat olmaz, Beygir gəlib köhlən kimi at olmaz, Bəsləsən də üç il, beş il, on beş il. Ustadların nişanəsi məndədi, Nəsihəti, dürdanəsi məndədi, Aşıqlığın kök binası məndədi, Saxlayacam üç il, beş il, on beş il. Əsəd deyir elə düşsün güzarın, Az balıyla şirin olsun azarım, Yar gəlsə azalar dərdim, azarım, Gözləyəcəm üç il, beş il, on beş il. * * * Yadıma düşdü Şanlı məktubunu oxuyanda mən, Çalmalı dağları yadıma düşdü. Təndir torpağının alma çiçəyi, Lilpar bulaqları yadıma düşdü. Dalı Gödək güney, qabağı Çatar, Fermanın dövləti dağları tutar. Ömürlər uzadar, mətləbə yetər, Bu gözəl çağları yadıma düşdü. Başı Çalmalıdı, ayağı düzlər, Toyda oynayırmı gəlinlər, qızlar? Oxuyub çalırdım sədəfli sazlar, Gözəl yığnaqları yadıma düşdü. “Göyçənin qonağa çoxdu hörməti”, Təzə cavanların var məhəbbəti. Qayğanaq, qəysəfə, əmliyin əti, Eyvan-otaqları yadıma düşdü. Əsəd bu fanidən köşüb üqbaya, Dəli könül yenə qalxıb havaya. Qoçdaşın düzləri, Buxarlı qaya, Tərlan ovlaqları yadıma düşdü. * * * == Gəraylılar == Boylana-boylana Cilvələnib kəklik kimi, Ötür boylana-boylana. Müjganların sinəm üstə, Atır boylana-boylana. Eşqinən çalıram sazı, Sənsən aşığın murazı, Bu beymürvət qəmzə-nazı, Satır boylana-boylana. Navat deyərlər adına, Aşiqin salmaz yadına, Şirin canım eşq oduna, Qatar boylana-boylana. Gözüm doymur ala gözdən, Meylini döndərmə bizdən, Aşıq Əsəd,önümüzdən, Ötür boylana-boylana. * * * Kimdən öyrəndin Oğrun-oğrun daldalardan Baxmağı kimdən öyrəndin? Qafildən könlüm evini Yıxmağı kimdən öyrəndin? Gül xəcildi yanağına, Bal bələnib dodağına. Qızıl üzük barmağına Taxmağı kimdən öyrəndin? Mail oldum qələm qaşa, Sədəf kimi incə dişə. Əsədin canın atəşə Yaxmağı kimdən öyrəndin? * * * Yol üstündə duran gözəl Yol üstündə duran gözəl, Söylə görüm, haralısan? Yaranıbsan bir qətrədən, Hansı yerin maralısan? Yaradıb Cabbarü Cəlil, Bədnəzəri olsun zəlil! Nə baxırsan məlul-məlul, Yoxsa yardan yaralısan? Əsəd deyir, intizaram, Açılmış güllərin dərəm. Hər gün sənlə seyrə varam, Heyif, bizdən aralısan. * * * Telinə Səninlə mən görüşəndə, Qolum doladım belinə. Axıdanda göz yaşını, Dözəmmədim mən selinə. Məni axtar gül-çəməndə, Salıbsan məni kəməndə. Şəkər dodağın əməndə, Qurban ollam mən dilinə. Əsəd səni arayanda, Qoymaz səni heç bir yanda, İşvə telin darayanda, Mail oldum mən telinə. * * * Tellərin Gözəl səndə nə qaydadır, Salıbsan yana tellərin. Görəni candan eyləyir, Bir qoy pünhana tellərin. Getmə dayan sən bir Allah, Görən desin a maşallah. Qiymət qoyan olmaz vallah, Getsə hər yana tellərin. Əsədəm oda yanıram, Görcək candan usanıram, Sərrafıyam mən tanıram, Verməm İranə tellərin. * * * == Təcnislər == Ayağa salmaz Gəzdim, kəşt elədim yaxın-uzağı, İndi səfbrimdi ayağa salmaz. Könül zənbur kimi dolanır şanı, Pərvanə cismimi ayağa salmaz. Dost gərək ki, yaxşı dostu sinayə, Alnımıza yazılıbdı sin ayə. Məhəbbət xəncərin qoysa sinaya, Dost dostu sındırıb ayağa salmaz. Bilirsənmi, danışıram nə sarı, Bəxt əyilsə, rəngi olar nə sarı. Abad könül, sən nə sındır, nə sarı, Haqq kəsməz nəzərin, ayağa salmaz. İstər məni dost yolunda kəs,qala, Əyri çıxsam, qur divanı, kəs qala. İstəmərəm müxənnətdən kəs qala, Mərd igidlər məni ayağa salmaz. Əsədin bəxtini salma qəzaya, Mənim məzarımı kimlər qazıya. İgid ürcah olsa qəhri-qəzaya, Mərdlərin mövlası ayağa salmaz. * * * Ata-at Yenə baş qaldırıb düşmən yuvadan, Dağlarda başlayıb, yenə at-a-at. Bir anda kəsdirir, düşmən üstünü Qırattək qaçışda çatır ata-at. Döyüş aparılır nahaq haqqına, Qüdrət Allahındır, girməz haqq qına, Bədəndən ayrılır başlar haqına, Yetiş bu döyüşə, sən də ata at. Bu nər döyüşüdür, minib Qırata, Tutub yalmanından, yatıbdır ata, Qovur düşmənləri hey ata-ata, Doldur güllələri Əsəd ata, at. * * * Dürüst olmamış Kamil ovçu durub ov bərəsində, Atmaz xədəngini dürüst olmamış. Sərraf olan seçər ləli, gövhəri, Arayıb dəstində dürr üst olmamış. Əgər qəvvas isən, axtar adamı, Göydən yerə neysan yağar, a damı. Dürüst adam gəzər dürüst adamı. Nadürüst axtarar dürüst olmamış. Əsəd bəhri-mühit çaylar toxuna, Qayıq üzə, ləpə gələ toxuna. Cürbə istər gölə, şirə toxuna, Elmi cəm eyləyib dürüst olmamış. * * * Hasına Eşq əlindən cavan ömrüm solubdu, İndən sonra heyifinim hasına. Ömür başa yetib, dil təng olubdu, Bu dərdimdən dərman olar hasına? Mərd igidlər el içində qaladı, Eşq atəşin, bu sinəmdə qaladı, İgid ölsə bu dünyada qal adı, Xoşbəxt odu qismət ola hasına. Tale bərk yüklüdü, çatmır aza dam, Şükürlər olsun ki, qəmdən azadam. Dostluğa möhkəmdir Əsəd, az adam, Tamahkırı ha yoxlaşdır, ha sına. * * * Hey yanar Beş gözəlin aşiqiyəm müttəsil, Könül istər, tapmaz, nara hey yanar. Zərrəcə görməsəm mah camalını, Sızıldar bədənim, nara hey yanar. Müsəlman şərtində beşi bilməyən, O ərşdə yazılan beşi bilməyən. Vaxtını addadıb, beşi bilməyən, Məhşərdə cəsədi nara hey yanar. Xəstə sızıldayar nara yetməsə, Təbib neşdər vurmaz yara yetməsə, Rzayev Əsəd də yara yetməsə, Xab etməz sübhətən, nara hey yanar. * * * Nə qara səni Dedim, könül, durma dağ zirvəsində, Bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə, obaya, Bürüyər nə ağ gün, nə qara səni. Yetişməz dostların heç vaxt haraya, Deyən olmaz, görüm getdi haraya? Gözün dikmə hər həftəyə, hər aya, Nə Əli axtarar, nə Qara səni. Təbib gərək, sinəsini o yara, Açıb ürəyini, eylər o yara. Uzaqdadı, əli çatmaz o yara, Əsəd heyran etdi nə qara səni? * * * == Dodaqdəyməz təcnislər == Çata-çat Vaxt yetişdi köç eylədin dünyadan, Sevən ürək səni anar çata-çat. Qurtarsan da yüz xətərdən, nalədən, Dünya insanları sanar çata-çat. Həyata nur verir günəş şüası, Onunla dəyişir yerin havası, Sevənlərin söylə nədir xətası? Ayrı düşsə gültək solar çata-çat. Sözünün olsa da əgər kəsəri, Nəsihəti tez unudar sər-səri. Qoru saxlaginan, can ilə səri, Əsəd, vaxt çatanda yanar çata-çat. * * * == Cığalı təcnislər == Gözlə, gözlə sən Dedim, könül keçmə söz sərhəddini, Öz sözündən öz-özünü gözlə, sən. Aşıq deysr, gözb, son, Pirsən, Haqqı gözləsən. Dünya girsə min dona, Nə seçərsən gözlə,sən. Heç adamın tük axtarma gözündə, Yaxşı olar, qeyrətini gözləsən. Qopsa tufan, qızsa meydan əylə nər, Gedən gedir, qalan yerdə əylənər. Aşıq deyər,əylənər, Hirsi soyut,əylən,ər. Acıqlı baş qan eylər, Ağıllı baş əylənər. Danalar oynaşar kal qabağında, Qabaq-qarşı gəlsə,gözlə, gözlə sən. Sən ucalt sənəti, sənət də səni, El-oba yaşatsın sənətdə səni. Mən aşığam,sənətdə, Ucalasan sənətdə. Yaşa, yarat, dünyada, Qoy ucalsın sənət də. Əsəd də ad qoyub sazda,sənətdə, Qoru bu sənəti,gözlə,gözlə,sən. * * * Ya səndədi, ya məndə Ala gözlüm, dərdə oldum giriftar, Dərdə dərman ya səndədi, ya məndə. Aşıq deyər, ya məndə, Bir sevgim var Yəməndə, Yaşamasın bədnəzər, Heç görməsin yaməndə. Dedim, məni qoyma qalım yaməndə, Dedi, təqsir ya səndədi, ya məndə. Eşq ucundan cünun oldum, ya dəli, Görən deyər, ya divanə, ya dəli. Aşıq deyər, ya dəli, Dərd cigərim ya dəli. Şirin candan keçərəm, Sənə dəysə yad əli. Dedim gözəl, sən də tutsan yad əli, Onda ölüm ya səndədi, ya məndə. Kim görübdü mənim kimi yananı, Nə keçirdər eşq oduna yananı. Aşıq deyər,yananı, Yandırmazlar yananı, Mərd olanlar gözləyər, Ya namusu, ya nanı. Əsəd kimi ar oduna yananı, Eşq atəşi ya səndədi, ya məndə. * * * == Divanilər == Eyləməz Ağlı olan namərd ilə Əhdi-ilqar eyləməz; Nəfəsinə tabe olub, Seyri-güzar eyləməz; Mərifətlə səfa sürsə, Beş gün ömrü xoş olar; Ruzi haqdan bərqərardı, Baxtın şikar eyləməz. Bəxt əyilib, xəyal dönsə, Baxtın, olmaz ilhamın; Ruhun ölər, gözün görməz, Artar dərdü ələmin; Şükür zikrin qəbul etməz Xaliqi-rəbbül-aləmin; Etiqadın düz olmasa, Sirrin aşkar eyləməz. Aşıq Əsəd, xəyal ilə Gəşt elə, dünyanı gəz; Müxənnətə sirrin vermə, Əsli düz olanı gəz; Zər qədrini zərgər bilər, Mətahın alanı gəz; Hər nadana sözün satma, Qalsa, zərər eyləməz. * * * Gəda Eşidəndə bəd xəbəri, sanki dondu bədənim, Nəcəf kimi bir oğulu etdiniz candan, gəda! Bir cavan, mərd igid idi, sınmaz yağı önündə, Sizə də nifrəti vardı, qorxmazdı qandan, gəda! Mən deyirəm, Nəcəf hələ almamışdı qiymətin, Ağsaqqalın, ustadının qazanmışdı hörmətin. Yusif kimi çox gözəldi, saxlardı düz qamətin, Yeddi dindən dışarısız, yox sizdə vicdan, gəda! Bizim dində siz kafirsiz, sizin dində bilmirəm nə... Əskiklərin əskiyisiz, insanlığa biganə. Vaxt yetişər, bir gün sizə fələk qurar məhkəmə, Daşnaksütun partiyası çıxıb insanlıqdan, gəda! Sizi Allah yaratmayıb, insanlıqdan kənarsınız, Tutduğunuz hər bir işi il keçməmiş danarsınız. İmkan olsa sizdə əgər hər xalqı qırarsınız, Allah fürsət verməsin heç, keçəsiz sandan, gəda! Xaliqim, fürsət vermə qəlbi qara insanlara! Müsəlmanın canları da qurbandır qananlara. Yetişginən insan kimi, tay olma nadanlara, Əsəd deyər, tayınızı yığın hər yandan, gəda! * * * Olmasa Ağlı olan çox danışmaz, Dərdi hazar olmasa; Heç kimsənə xəstə yatmaz, Canda azar olmasa. Axtarıram, yoxdur təbib Dərdə dərman eyləyə: Çox çalışmaq əfsanədi, Haqdan nəzər olmasa. Dərdi olan tüccar kimi Yuklə hər yana gedər; Söylər dərdin dərd bilməzə. Özü əfsanə gedər; Axırında Məcnun olub, Bər-biyabana gedər; Qan ağlamaz, sızıldamaz, Canda azar olmasa. Dərdi olan yad olmasın Ol mövlanın dərdindən; Daima əlin çəkməsin Mərd igidlər sirrindən. Qəlb əyilsə, bulmaz şəfa, Duman getməz sərindən; Şahi-Mərdan-Şiri-Yəzdan Dilində car olmasa. Vaqifin ol gözəllərə Tərif büsatı deyim; Ələsgər, Xəstə Qasımda Var etiqadı deyim; Şirin deyib qaya çapdı Yazıq Fərhadı deyim; Kərəm oda yanmaz idi, Çeşmi-xumar olmasa. Aşıq Əsəd xırd eləsin Daim öz mətahını. Həqiqətin, mərifətin Gözlə bəndərgahını. Doğru, düzgün, qeyrət ilə Saxla dost irahını; Dost dostundan kənar olmaz Mərdiməzar olmasa. * * * == Müxəmməslər == Ağrın alım Ay qaraqaş, ay yaşılbaş, Qarşıda süz, ağrın alım; Cilvələnib eşqə bələn, Telini düz, ağrın alım; Dildə kəlam, əldə qələm Dərdimi yaz, ağrın alım; Firqətindən, həsrətindən Oldum nasaz, ağrın alım; Al hava, gətir dəva, Eyləmə naz, ağrın alım. Boyu bəstə, oldum xəstə, Mən yazığa sən rəhm elə. Üz qəmər, müşkü ənbər Xub yaraşır siyah telə; Altından al, bir qumaş şal Dolayıbsan nazik belə; Alma yanaq, qaymaq dodaq, Göz önündən getmə hələ; Gətirim saz, ol xoşavaz, Ay Sərvinaz, ağrın alım. Bir şəhla göz, bir belə qız Görməmişəm bu dünyada. Etmir hesab, bu nainsaf Aşiqini salmır yada. Salma çölə, insaf elə, Mən xəstəyə versin bada. Əldə gülü, şirin dili Mən görmüşəm Minayada. Keç başa, qıl tamaşa, Mən çalım saz, ağrın alım. Ay mələk, qurma kələk, Gözlərini süz, bəri bax! Gəl mərdana, bu gərdana Saçlarını düz, bəri bax! Bu gün yazım, şeir düzüm, Olaq üzbəüz bəri bax! Bu səhər, qoynun bahar, Açılıbdır yaz, bəri bax! Daranıb, xub yaranıb Belə şahbaz, ağrın alım. Ay gülüm, şən bülbülüm, Cəh-cəh vurub etmə haşa; Alma yanaq, büllur buxaq, Bal bələnib dilə, dişə. Sayıl olub, mayıl olub Hər kəs görsə mayıl qaşa. Bu bazardan, bədnəzərdən İllər boyu uzaq yaşa. Əsəd deyir, vəsfin yazır Bir belə qız, ağrın alım. * * * Eylədin Can alan, getmə dayan, Bil, məni candan eylədin. Təbiətdə bəzək vurnb, Şövkəti şandan eylədin. Kirpiklərin ox kimidir, Qaşı kamandan eylədin. Oxuyurdum qumru kimi, Məni lisandan eylədin. Xoşdur lisanın, Böyükdür sanın, Yoxdur nöqsanın, Xoşdur dövranın, Xalındır qoşa, Səni yüz yaşa, Dövran sür başa - Belə süzüb sallanışla, İnsanı heyran eylədin. Mən sənə mail olmuşam, Getmə dayan, ağrın alım. Hurisən,məleykəsən, Eylə bəyan, ağrın alım. Həsrətindən xəstə düşdüm, Mən biməkan, ağrın alım. Həkim, loğman nəyə lazım? Dərdə dərman, ağrın alım. Dərman verənsən, Zülfün görənsən. Qəsdə girənsən, Könül hörənsən. Dövran sürənsən, Qaşların qara, Vurmusan yara, Öldüm səd para, Gəl eylə çara. Xallarmm yox qiyməti, Gövhəri-kandan eylədin. Şəkkə düşüb xof eylədim, Mən nə deyim belə cana?! Yeriyəndə şölə salır, Yanaqları asimana. Yazıram mən də vəsfini, Səs yayılsın hər bir yana. Zənəxdanın gözəlliyi, Zinət verir gülüstana. Qızıl düyməli, Cüt nar məməli. Tuti nəğməli, Nəğmənə heyran. Dərdimə dərman, Sən eylə fbrman. Fərmana qurban, Qoynu gülüstan, Ay gözü məstan. Məcnun oldum, düşdüm çölə, Könlümü viran eylədin. * * * Gəlin Nagah mənə urcah oldun, ay qaşları qara,gəlin. Günəş kimi zərrələndin, şövqün düşdü bazara,gəlin. Bədnəzərdən pünhan dolan, gələrsən nəzərə,gəlin. Çoxu sənə mail oldu, salarsan azara,gəlin. Zərrü-ziba geyinmisən, üstündən bir xara,gəlin. Üst-üstündən dörd don geyib, hamısının köbəsi ala. Gör bir necə cilvələnib, çinniyib qabağa,dala. Tər libası, tər əndamı, mən istərəm daim qala, Bəşərliyə şəkk elədim, mən düşdüm özgə xəyala. Zülflərin adam çalır, dönübdü şahmara, gəlin. Birisi növrəstə gəlin, biri yəqin qızdı, bilin. Yetmiş iki hava çalır, teli incə sazdı, bilin. Göydən gəlmiş məleykədi, yerdə quba qazdı, bilin. Qoynu cənnətin bağçası, həm bahardı, yazdı bilin. Aşiqinə zülm elədin, saldın ahu-zara, gəlin. Bu zülmün qabağında, mən bilmədim haralıdır. Geyinib xublar sayağı, hansı yerin maralıdır. Qıyğac baxıb, canlar alır, bildim yardan yaralıdır. Filankəsi xəbər aldım, dedi, məndən aralıdır. Yaram üstən yara vurdun, oldum para-para, gəlin. Araz üstdən bu ceyranı, gətiriblər qova-qova. Mail olub mina boya, ərənlər də çıxdı ova. Mən ki, köhnə kamandaram, başıma gəlibdi hava. Badi-səba, sən xəbər ver, Tovusda Telli Zeynaba. Əsədin də sinəsinə, vurubdu min yarə, gəlin. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-esed İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.