Aşıq Heydər. Əsərləri Aşıq Heydər (1867–1949) == Gəraylılar == Ağbabada Ağlayıram göz yaşıynan, Sellər qalıb Ağbabada. Dünya mənə xor görünür, Güllər qalıb Ağbabada. Sevgimə yetmək istərəm, Baş alıb itmək istərəm, Vətənə getmək istərəm, Yollar qalıb Ağbabada. Əsam dönüb ilan olub, Adil divan yalan olub, Aşıq Heydər talan olub, Ellər qalıb Ağbabada. * * * Ana Haqq işinə qarşı getmə, Məni oda atma, ana. Bu sevda haqdan gəlibdi, Ayıq olnan, yatma, ana! Mənim başımı əydirmə, Görən gözümüm oydurma. Məni qəm ilə doydurma, Yollarımı tutma, ana! Bu sövdadan dönmək olmaz, Sal qayadan enmək olmaz. Eşq yolunda sönmək olmaz, Qollarımı çatma, ana! Yazı yazan yazıb bunu, Tanrıya tutsan bir yönü. Bu eşqin görünmür sonu, Günaha gəl batma, ana! Oğlun Heydər aşiq olub, Gül irəngi saralıb solub! Qəlbim ağlar, gözüm dolub, Gəl başımı qatma, ana! * * * Bilmirəm Dili bağlı necə durum, Dinib - danışa bilmirəm. Bir çayam, suyum quruyub, Qaynayıb- daşa bilmirəm. Kimsə anlamaz dərdimi, Qana bilmirəm mərdimi. Sovet biləcək qədrimi? Çıxaram başa - bilmirəm. Kefi duru erməninin, Halı yaxşı ölməlinin. Vaxtıdı gicin,dəlinin, Olublar paşa, bilmirəm. “Böyükdü” gədə - güdələr, Bicdən, şeytandan ötələr. Istərlər məni didələr, Dəyib - dolaşa bilmirəm. Aşıq idim, adım qalıb, Ocaq idim, odum qalıb, Təndir idim, badım qalıb, Deyim sirdaşa, bilmirəm. Boğaza keçən çatıdı, Şura kasıb dövlətidi?! Türkə düşməndi, qatıdı, Buna baş qoşa bilmirəm. Çuğulluq peşə olubdu, Boş başlar huşla dolubdu. Heyrərdən Allah alıbdı, Çalım, çalışa bilmirəm. * * * Deyilmi Mənə qara deyən yarım, Gözlərin qara deyilmi? Yaxın gəlib dindirmirsən, Ürəyim yara deyilmi? Təzə gülsən, dodağın bal, Şirin danış, könlümü al. Haqq quluna yoxdu zaval, Qaşın aypara deyilmi? Mən Heydərəm, insaf eylə, Dərd gəlir, qabağın əylə. Ürəkdən keçəni söylə, Edərsən çarə, deyilmi!? * * * Gedirəm Məni salma yanar oda, Gedirəm, ana, gedirəm. Neylər mənə qəza-qada, Gedirəm, ana, gedirəm! Yolum gedir, İstanbula, Haqq köməkdi qara qula. Yar gərək yarını bula, Gedirəm, ana, gedirəm! Halal eylə, icazə ver, Yuxarıda Allahı gör. Gəl bu uçuq qəlbimi hör, Gedirəm, ana, gedirəm! Haqdan içmişəm badəni, Sinəm gövhərin mədəni. Gedim görüm gülbədəni, Gedirəm, ana, gedirəm. İstəyirəm görəm yarı, Alma əldən ixtiyarı. Sənsən Heydərin tutarı, Gedirəm, ana, gedirəm! * * * Mərd sağ olsun Fələyin qəhri az deyil, Xeyri ya baxta baxtadı. Nə bilirsən nə olacaq, Xeyirnən şər qabaxdadı. Kasıb könlü geniş olar, Yolu yoxuş-eniş olar. Dəmə də bir dönüş olar, Tək çörəyi tabaxdadı. Heydər deyər mərd sağ olsun, Biri min bir budaq olsun. Kefi yaxşı, üzü ağ olsun, Onun gözü qabaxdadı. * * * Kimə deyim Bu zəmanə betər gəlib. Mən dərdimi kimə deyim?! Qananlara kədər gəlib, Mən dərdimi kimə deyim?! Daha eşitdiyim budu: «Davariş»lə xaraşodu. Dilimə almışam odu Mən dərdimi kimə deyim?! Namərd görmüşəm Soveti, Nədi - gədə hökuməti! Mərdin qalmadı qiyməti, Mən dərdimi kimə deyim?! Tuthatutda mərd qalmadı, Bircə abad yurd qalmadı. Ermənidə dərd qalmadı, Mən dərdimi kimə deyim?! Qarsın yolları bağlandı «Türk» deyən dillər dağlandı. Həqiqət pünhan saxlandı, Mən dərdimi kimə deyim?! Bəlli mənim ərzi-halım, Tanrı, sənə qurban olum, Günlərimi yola salım, Mən dərdimi kimə deyim?! Danışıb dinə bilmirəm, Yanıram, sönə bilmirəm, Heydərəm, dönə bilmirəm, Mən dərdimi kimə deyim?! * * * Kirvə məni qonaq eylə Salam Əleyküm, Məşədi, Məşədi bir ağa kişidi. Kişi, əl- ayağım üşüdü, Kirvə, məni qonaq eylə. Gəlirdim Güllübulaqdan, Boran da qaxdı qabaqdan. Utan bizim kirvalıqdan, Kirvə, məni qonaq eylə. Bozqaladan qaxdı duman, Şalvar altda yoxdu tuman. Məşədidən qaçır iman, Kirvə, məni qonaq eylə. Görüm səni burda tək qal, Qonaq eylə məndən haqq al. Boynu yoğun, özü çaqqal, Kirvə, məni qonaq eylə. Boran imkan vermir əsir, Maşqı da amanımı kəsir. Aşıq Heydər tir- tir əsir, Kirvə, məni qonaq eylə. * * * Qurban olum Güllər dərən gözəl sənin, Əllərinə qurban olum, Zərif, ipək, həm də çıçək, Tellərinə qurban olum. Şörəyelin maralısan, Dağların quzey qarısan, Lalədən çələng qoymusan Güllərinə qurban olum. Yanağın tər, dilin baldı, Kəmalın əqlimi aldı. Qul Heydəri xəstə saldı, Ellərinə qurban olum. * * * Olsa da Ülgücə ülgüc deyərlər Kəsəri lap çox olsa da. Mərdin dərdi böyük olar, Gözü-könlü tox olsa da. Mən nərəm deyən bərbər də, Əsib-goşur xəlbət yerdə. Arada saxlamaz pərdə, Edər pisdik yox olsa da. Heydər deyər, gədə pisdi, Əlimdəki cam da misdi. Bilməz soyuq, bilməz isti, Sözü acı ox olsa da. * * * Vədəsidi Xal düşübdü yamac-yala, Qar gedir, yaz vədəsidi. Sevənlərə xəbər olar, Gözəl avaz vədəsidi. Nə gözəldi dağın döşü, Danaqıran, mollabaşı, Deyir, yola saldıq qışı, Qızların naz vədəsidi. Heydər, əsir dağın yeli, İş-gücə tərpədir eli, Çayın, gülün, suyun, selin, Ördəklə qaz vədəsidi. * * * Yaralama Durma, macdan yaxşı yapış, Xərək qoyub qaralama. Ək ürəklə, həvəsiynən, Gəl torpağı yaralama. Haqosa bax, diqqət elə, İşlə, çalış, gülə-gülə, Bu obadan sən naz ilə, Gəl özünü aralama. Niyə oldu halın xarab? Peşən olsun özünə bab. Heydər deyər başqa iş tap, Yeri-yurdu qaralama. * * * Yaz havası Mələşir qoyun-quzular, Gələn yazın havasından. Bilinir ki, “Dübeyti”dir, Telli sazın avazından. Dayçalar oynar, qapışar, İnsan torpaqla tapışar, Cütün məcindən yapışar, Cütçü çıxıb yuvasından. Dəlilənən sellər-sular, Bulanıq axar, durular, Heydər ellərdən sorular. Ağbabadan, obasından. * * * == Qoşmalar == A molla Nə vardan qorxum yox, nə də ki, puldan, Mərdlik adətimdi, bilnən, a molla. Xeyir işdən ötrü tökmə qaş-qabaq, Bizimlə bir yola gəlnən, a molla! Nəyi bəyənmirsən, açıq söylə gəl? Bu, Allah işidir, yoxdu bir əngəl, Kişisən, kişi ol, mənə qurma təl, Bir dodağın qaçsın, gülnən, a molla! Niyə qaradasan, əzizin ölüb? Sənin qaş-qabağın bizəmi qalıb? Aşıq Heydər sənin mətləbin bilib, Ya qızı ver, ya da ölnən, a molla! * * * Ağbaba dağı Bilinmir tarixi, bilinmir yaşı, Ləlü cəvahirdi torpağı, daşı, Duman - çiskin basıb, görünmür başı, Burda mərəz tapmaz insanın sağı, Dünyaya səs salıb Ağbaba dağı. Yamac – yalı, gül - çiçəkdən seçilmir, Qonaqları bulaqlardan çəkilmir, Motalından, qaymağından keçilmir, Ədalət meydanı, abdal ocağı, Dünyaya səs salıb Ağbaba dağı. Bu yan Taya Qaya, o yan Qaraxaç, Gülə bələnibdi bütün yal - yamac. Şən nəğmə oxuyur qırqovul, turac Ceyranlar oylağı, maral yatağı, Dünyaya səs salıb Ağbaba dağı. Payiz vaxtı tökür qarı, boranı, Bağlayır yolları, kəsir aranı. Sindırır damlarda atma karanı, İncidir tənbəli, sevmir qorxağı, Dünyaya səs salıb Ağbaba dağı. Tarixlərdən gəlir səsi - sorağı, İgidlər məskəni, ərlər yaylağı, Adı dil əzbəri, cənnət qırağı, Heydər der: Var olsun, vətən torpağı, Dünyaya səs salıb Ağbaba dağı. * * * Ağlasın Sallana-sallana gələn gözəlin, Dördü qahqah çəksin, biri ağlasın. Bir azca toxdasın, gəlsin özünə, Verməsin özgəyə siri, ağlasın. Çıxarsın qaranı, geyməsin qara, Qara olan salıb onu azara. Al-yaşıl geyinib çıxsın bazara, Dərdi olan gəlsin bəri, ağlasın. Aşıq Heydər deyər, hər vaxt gördüyün, Kor olsun düz işə salan kor düyün. Allah qismət etsin barı toy-düyün, Adını deyirəm Pəri ağlasın. * * * Ağlayır Dağıldı ellərim, qaldım səhrada, Bir kimsənəm yoxdu, anam ağlayır. Titrəyir əllərim, görmür gözlərim, Dəyişir döranım, zaman ağlayır. Ayrı düşdüm öz yurdumnan, elimnən, Qəm şələsi əl çəkməyir belimnən, Danışanda nalə qopur dilimnən, Könlümün səsinə kaman ağlayır. Hələ qurumayıb gözümün yaşı, Tutur tənələrə hər yetən naşı, Ələnir üstümə dünyanın daşı, Dağların başında duman ağlayır. Heydər, bu yerlərdə yerin bilindi, Mərənd qucaq açdı, qəlbin isindi. Fələyin cəbrinə dayan, döz indi! İndi biz yox, bütün cahan ağlayır! * * * Axtarın məni Siz məni özümdən xəbər almayın, Gördüyün ellərdə axtarın məni. Məqribdən məşriqə gedən yollarda, Çaylarda, sellərdə axtarın məni. Qadasın aldığım, bəri gəl, bəri, Silinsin könlümün qalmasın səri. Açılanda qızıl gülün lənbəri, Süsən - sünbüllərdə axtarın məni. Qıpqırmızı olub könlümün sacı, Üstünə yazılıbdı dərdin əlacı. Aç yaxam düyməsin başımın tacı, Bu əsən yellərdə axtarın məni. Pöhrə verib qızıl gülün toxumu, Gecələr tapmışam sirin yuxumu. Şeyda bülbüllərdən alın qoxumu, O tuti dillərdə axtarın məni. Hərdən bu dağlarda, hərdən aranda, Hərdən sis dumanda, hərdən boranda, Kimsə yada salıb məni soranda, Laləli çöllərdə axtarın məni. Eşqin ışığında yazdım yaratdım, Könlümdə bir gözəl daim yaşatdım. Axırda sevdamın gölündə batdım. Gedin o göllərdə axtarın mənı. Mən Aşıq Heydərəm, gəlmişəm cuşa, Məndən salam olsun dosta – tanışa. Adım yazılanda bir cansız daşa, Mənalı illərdə axtarın məni. * * * Ay hayıf, hayıf Mehrü məhəbbətin oduna yandım, Yar məni unutdu, ay hayıf, hayıf! Məcnun olub səhraları dolandım, Qara baxtım yatdı, ay hayıf, hayıf! Ay ellər, Kərəmdən mən betər oldum, Bu fani dünyada dərbədər oldum. Qınımda saraldım, gül təki soldum, Arzularım batdı, ay hayıf, hayıf! Uşaqkən basdılar əlim “Qurana”, Bircə ümid qaldı göydə durana. Düşdüm dost yolunda qara - borana, Dost da məni atdı, ay hayıf, hayıf! Qaxtağanlar tapdı fası, firəngi, Namərdlər verdilər əlinə tüfəngi. Torpaq qana batdı, dəyişdi rəngi, Gör məni kim satdı, ay hayıf, hayıf! Heydər yana - yana köçür dünyadan, Ağlama, sözümü çıxarma yaddan. Unutma düşməndir qaxtağan nadan, Ömrüm başa çatdı, ay hayıf, hayıf! * * * Bacım Bu zalım dünyada simsar tapmadım, Hər yerdə dayağım oldun, ay bacım! Sərkərdən, sərkərdən gəzib dolandım, Mən dedikcə dərdlərimi say, bacım! Bir maral baxışlı, bir bal dodaqlım, Bir büllur buxaqlı, ayna qabaqlım, Bir piyalə gözlüm, bir zər yanaqlım, Bu yerdə tapılmaz sənə tay, bacım! Allahım yaradıb sanki bir mələk, Yaxamı tanıdı inadkar fələk. Əl atdı kəməndə göstərdı kələk, Nakam getdin bu dünyadan vay, bacım! Zalım fələk aldı bacım Sənəmi, Pozdu növrağımı, yıxdı binəmi. Hicran tapdağıyam, açma sinəmi, Yetişmiş yarama məlhəm yay, bacım! Hər yerdə qədrimi bılən sən oldun, Axan göz yaşımı silən sən oldun, Heydərlə fəxr edıb gülən sən oldun, Daha qalmayıbdır məndə hay, bacım! * * * Bax Dayan ağam, dayan bəyim, dayan, dur! Ayaq saxla! Burda yatanlara bax! Bu meydana diqqət eylə, bəri gəl! Dağların damənin tutanlara bax! Qanla yazılbdır hər bir baş daşı! Bunların olubdu on - on beş yaşı! Bunlardı vətənin bir üzük qaşı! Qəhrəman qızlara, oğlanlara bax! Yağı gəlib Qaraxaçda dayandı! Zağlı toplar yuvasından oyandı! Əlvan qanım daşlar üstə boyandı! Düşmənin bağrına batanlara bax! Arpaçay yanında savaş quruldu! AlMərdan düzündə əsgər qırıldı! Axan qanlar sular üstə duruldu! Özlərin sellərə atanlara bax! Qara gəldi yetmiş yeddinin yazı! Urus paşa oldu, qaxtağan qazı! Heydərın əlində ağlayır sazı! Üz tutub cənnətə çatanlara bax! * * * Bax-bax Bir küncə qısnayıb sıxırlar məni, Nə betər gəlibdi zamana, bax - bax! Ümidsiz, köməksiz ortadayam mən, Dağları bürüyən dumana bax - bax! Gəzdim, dolandım mən bu boş dünyanı, Nə çoxdu boş lafı, vədi, hədyanı. Müxənnət artıbdı - bilinmir sanı, Göylərə yüksələn amana bax - bax! Bizimki gətirmir - belə görmüşəm, Mal - mülkü vermişəm yelə, görmüşəm. Göz yaşım dönübdü selə, görmüşəm, Məndəki xəyala, gumana bax - bax! Hanı mərd kişilər, meydan boş qalıb?! Səxavət yox olub, mürvət azalıb. Bucaqlar boşalıb, ocaq sozalıb, Kef çəkən namərdə, yamana bax - bax! Dərd - bəla azalmır nə qədər desəm, Fələk durma deyir elə qəm yesəm. Heydər, mən də axı soylu bir kəsəm, Gəlmişəm həm dinə, imana bax - bax! * * * Bax-bax Hanı Ağbabanın uca dağları, Bir başımdan qalxan dumana bax – bax! Vətəndi kiridən mən tək ağları, Sən mənim qəlbimdə gümana bax - bax! Vətən həsrətindən yanıb gül oldum, Özüm öz dərdimə qara qul oldum. Mərənd qucaq açdı, buna gül oldum, Ürəyimdə qopan amana, bax - bax! Dar gündə dadıma yetdi yetənlər, Amma ki, beynimdən çıxmır ötənlər. Ölən öldü getdi, qaldı itənlər, Bizləri yandıran zamana bax - bax! Ürəyim yaralı, sinəmdə od var, Yurdun qucağında bir ayrı dad var. İllər ayrısıyıq, qohum var, yad var, O qaçaqaç salan yamana bax - bax! Ağbaba deyəndə qəm gəlir gözə, Vətən həsrətindən gəlmişəm dizə. Yenə Yetim Heydər güc verir sözə, Bəlkə gələ bir az imana bax - bax! * * * Bu gələn gözəl Qarsın yaylasında bir pəri gördüm, Dilli dilavərdi, bu gələn gözəl. Əhli - dil olmasın əvvəldən bildim, Ərşdəki qəmərdi, bu gələn gözəl. Bəşər tarixinə nəzər yetirdim, Gözəl Züleyxanı dilə gətirdim. Üz - üzə gələndə özüm itirdim, Parlayan əsmərdi, bu gələn gözəl. Şəffafdı mayası, qaynardı təbi, Bir ay parçasıdı, yanağı - ləbi. Heydərə can verdi təbibin həbi, Bir ləlü gövhərdi, bu gələn gözəl. * * * Bu sevdaya düşən günü ölmüşəm Sevib sevdasına yandığım gözəl, Bu sevdaya düşən günü ölmüşəm. Həkim cərrah bilməz dərdimə çarə, Bu sevdaya düşən günü ölmüşəm. Istədim ki, bağban olam, bir gülə, Eşq atəşı vurdu, döndüm bülbülə. Sevda vücuduma saldı vəlvələ, Bu sevdaya düşən günü ölmüşəm. Hicran yeksanıyam , qəm tarümarı, Yıxıb vicudumu kül etmə barı. Dizimin taqəti, gözümün nuru, Bu sevdaya düşən günü ölmüşəm. Varmı mənim kimi qəmlə talanan, Sərkərdan - sərkərdan gəzib dolanan. Bu eşqə neyləsin təbibü loğman, Bu sevdaya düşən günü ölmüşəm. Etibardan düşən, etibarlı yar, Dolandım qürbəti diyarbadiyar. Pərişan könlümün müşkül halı var, Bu sevdaya düşən günü ölmüşəm. Adına nəğmələr qoşduğum dilbər, Könül sarayımı alıb qəm - kədər. Üzmə qul Heydərı, üzmə bu qədər. Bu sevdaya düşən günü ölmüşəm. * * * Dağların Duman - çiskin basıb, görünməz olub, Görünmür yaxası, başı dağların. Mətahdı, qızıldı, gövhərdi, ləldi, Torpağı, qayası, daşı dağların. Gözündən tökülür qan ilə yaşı, Özü də başlayıb dərdlə savaşı. Yenə yada düşür pendir - lavaşı, Dadlı çəkməcəsi, aşı dağların. Nə vaxtdı irağam, sinəm dağlıdı, Oraya uzanan yollar bağlıdı. Aşıq Heydər naləlidi - ahlıdı, Bu il betər gəlib qışı dağların. * * * Dağların Çəkilmir başından duman - çiskini, Nə betər dəyişib halı dağların. Qar gəlib yolları - izləri tutub, Ağarıb yamacı - yalı dağların. Sökülüb binəsi, köç edib ellər, Başlayıb əsməyə boranlar, yellər. Çağlamır bulaqlar, kükrəmir sellər, Çəkilib heyvanı, malı dağların. Heydər qan ağlayır, yurddan gen düşüb, Qəzanın qədəri - “Xoya” yön düşüb. Dərdə ac - yalavac, ləlöyün düşüb, De hanı motalı, balı dağların!? * * * Dolanır Gətirməz dünyada kəsıbın işi, Nə olsun hər yanda uzaq dolanar. Qurumaz hər zaman gözünün yaşı, Yediyi qarınla pazax dolanar. Fələyin qanunu yazılıb belə, Çirkin-pis tuş olar türfə gözələ. Fağırın könlünü kim alar ələ? Demək-gülmək ona yasaq, dolanar. Dünya görən bilir ovandı-tərsi, Kənd-kənd dolaşmışam Çıldırı-Qarsı. Pirim pünhan yerdə veribdi dərsi, Demə Aşıq Heydər qoçaq dolanar. * * * Düşdü Qurudu kökümüz, bu Şura gəldi, Türk - türkdən ayrıldı, yaralı düşdü. Yenə baş qaldırdı bic, vələdüzna, Ağbaba Çıldırdan aralı düşdü. El eldən ayrıldı, könül - könüldən, Doğmalıq, yaxınlıq tez çıxdı əldən. Sovet çox sevindi bu bəd əməldən, Erməni də pullu - paralı düşdü. Heydər lalmı olsun deməsin düzü?! Ağlı - huşu kəsir, həm görür gözü. Kafir erməninin qalmasın izi, Urusun qanunu - qaralı düşdü. * * * Eylər Düşmüşük yollara, qismət Allahdan, Bəxtimizi qara, ya da ağ eylər. Məsləhət onundu, biz nə çarəyik, Dərdi sinəmizdə min bir dağ eylər. Yurtdan ayrı düşmək borandı, qardı, Zülümdü, bəladı, çətindi, dardı. Didərgin ha desin mənim də vardı, Yad gülər, söylənər, ya da lağ eylər. Əlbət bol olacaq qəmi yurdsuzun, Bulunmaz sevinci, dəmi yurdsuzun. Aşıq Heydər kimi cəmi yurdsuzun, Tanrı üstündədi, canın sağ eylər! * * * Gəl Yekə - yekə çox danışma, ay gədə, Götür sazı, gir meydana, cəngə gəl. Kəl əvəzi səni də, qoşum kotana, El içində xar eyləyim, təngə gəl. Söz- söhbətin çatıb bizim qazıya, Utan barı, bax yazdığın yazıya. Səni gördüm əhsən dedim tazıya, Buynuzunu sürtmə kələ, cöngə, gəl. Qodom oğlu, çox bilirsən, az danış, Danışanda səndən qaçır dost- tanış. Bu millətə nəsib olub aldanış, Yürü, bala, asta yeri, küncə gəl. Aşıq Heydər deyər sözün bu başdan, Döşə tər kababdan, təzə lavaşdan. Canını almamış, sürüş yavaşdan, Geyin, keçin başında bir dingə gəl. * * * Gəl eşit məni Darıxma, darılma, dərdə qayım ol. Əlbət, tanrı verər sənə da bir yol. Ucadan ucadı, çox adildi o, Hər vaxt pənahında saxlayar səni, Gəl eşit məni. Sən ki, söz deyəsən, simsar tapılar, Açılar üzünə bağlı qapılar. Dərddən sınıq könlün sözlə yapılar, Qovarsan başından dumanı-çəni, Gəl dərddən geni. Aşıq Heydər gördü sənin dərdini, Həlbət bular el-obanın mərdini. Qəm eləmə, mən bilirəm qədrini. Gəl unut burada olub-keçəni, Haqqa sal yönü. * * * Getdi şan-şöhrətim, daha nə deyim Nəyinə güvənim mən bu dünyanın, Getdi san - söhrətim, daha nə deyim!? Sındı qol - qanadım, qaldı göz dağım, Getdi şan şöhrətim, daha nə deyim!? Şanlı torpaqlardan üzdüm əlimi, Dərdü - kədər yağır etdi dilimi . Hicran qəmi viran qoydu könlümü, Getdi şan - şöhrətim, daha nə deyim!? Dağıldı Axısqa, yandı Əsmincə, Kor olaydım bu dövranı görüncə. Bu müsibət yaddan çıxmaz ölüncə, Getdi şan - şöhrətim, daha nə deyim!? De, bu nə fərmandı, bu nə əmirdi, Ya Rəbbim! canımız daşdı, dəmirdi. Gəlmələr yurdumu yıxdı, yemirdi, Getdi şan - şöhrətim, daha nə deyim!? Tutur tənələrə gədələr məni, Sibirə sürgünnən hədələr məni, Nə olsun tanıyır dədələr məni, Getdi şan - şöhrətim, daha nə deyim!? Bu yollar uzanır Qazaxıstana, Az qalır cismim də od tutub yana. Xar ol belə dövran, yan ay zamana, Getdi şan - şöhrətim, daha nə deyim!? Köç karvanı Ağbabadan yan gedir, Yaralarım göz- göz olub, qan gedir. Aşıq Heydər, sənnən şöhrət - şan gedir, Getdi şan - şöhrətim, daha nə deyim!? * * * Görən bu tutuşla hara gedirik Şura gəldi, bəylər çıxdı aradan, Görən bu tutuşla hara gedirik? Urus paşa oldu, qaxtağan qazı, Görən bu tutuşla hara gedirik? Əsdi yollarıma boranlar, yellər, Bizə düşmən oldu danışan dillər. Bizdən nə anlasın gələn nəsillər, Görən bu tutuşla hara gedirik? Mən nə deyim, kor taleyə, kor baxta, Gədalar ağa olub çıxıblar taxta. Yurtda qan qusuruq biz laxta - laxta, Görən bu tutuşla hara gedirik? Yatağımda zarıncıyam, zar mənəm, Qəfəsdəyəm, el içində ar mənəm. Ay həzarat, bu dünyada xar mənəm, Görən bu tutuşla hara gedirik? Yalan dünya, yalançılar dünyası! Odlanasan, talançılar dünyası! Heydər der: gəlib qoçular dünyası, Görən bu tutuşla hara gedirik? * * * Görən harda belə gözəl məkan var Ağbaba deyilən qalxıb göylərə, Görən harda belə gözəl məkan var? Tanrı naxış çəkib bizim yerlərə, Görən harda belə gözəl məkan var? Öksüzdən qalxanda bir qatı duman, Göllü su əlindən çəkir əl - aman. Düzkəndin dörd yanı yamyaşıl orman, Görən harda belə gözəl məkan var? Muğelli deyilən bir dərə dağdır, İbişin yediyi sarıca yağdır. Bu cənnət məkanın dörd yanı bağdır, Görən harda belə gözəl məkan var? Bu yan Söyütlüdü, o yan Baxçalı, Güllərdən seçilmir dağların yalı. Xəstəyə dərmandı Bozqala balı, Görən harda belə gözəl məkan var? Balıqlı xoş nişan, Xənçəlli nizə, Dağda süsən-sünbül çıxıbdı dızə. Burda Aşıq Heydər güc verir sözə, Görən harda belə gözəl məkan var? * * * Göstərim Ay aşıq, cənbərək meydanına gəl, Mərifət elmində sirri göstərim. Noxtalıyım, palan salım belinə, Sənə bəyəndiyin yeri göstərim. Saqqalın bulaşıb quymağa - yağa, Xub yaraşır sənin kimi ulağa. Əgər yolun düşsə Güllübulağa, Maral yatağında nəri göstərim. Tapdadın arada olan hörməti, Aşiq Heydər verdi sənə qiyməti. Bağlayım başına güllü heyratı, Öksüzü gəzdirim, piri göstərim. * * * İndi Bizim ellər pərən düşdü, dağıldı, Görəsən necədi oralar indi? Yer-yudruma itin xılı yığıldı, Neyləyim, xülüsüm daralar indi. Hər şey əldən çıxıb, qalıb quru can, Qəlbdə vətən dərdi, üzdə həyəcan. Nə vaxt başa çatar görən bu hicran? Peşımlə dolanır qaralar indi. Aşıq Heydər, danış, görürsən işi, Əzəllər sən idin bir adlı kişi. Hünərdi girləsən qürbətdə başı, Daha qaysaq tutmaz yaralar indi! * * * Kəsdi Uzaq vilayətə qonaq gedirdim, Mehrü məhəbbətim yanımı kəsdi. Yarı yolda dolu döydü təpəmə, Payızın yağmuru amanımı kəsdi. Yeridim, yürüdüm, yıxıldım lilə, Yırtıldı çarığım, gəlmədi ələ. Yeddi yerdən başım keçdi çəngələ, Çayırın cil otu dabanımı kəsdi. Gördüm şalvarımın cibləri yoxdu, Dedilər, bu yerdə kəsəyən çoxdu. Dedim: arvad, axı pullar da yoxdu, Çüllüt Qasım da gümanımı kəsdi. Şərab gəldi, süfrələrə düzüldü, Dörd yanımda qədəhlərə süzüldü. Bu məclisdə əlim haqdan üzüldü, Çəlləyin qoxusu imanımı kəsdi. Sözün yeri gəldi, qoy deyim barı, Di, öl, Aşıq Heydər, ye zəhrimarı. Yığışdı sürfəyə mozalan, arı. Aranın milçəyi amanımı kəsdi. * * * Mən bilmirəm kimə deyim dərdimi Mən yazığın qəm doludu sinəsi, Mən bilmirəm, kimə deyim dərdimi? Hicran yeksanıyam, qəm tarümarı, Mən bilmirəm, kimə deyim dərdimi? Şura gəlib xoş günümüz vay olub , Ağlamaqdan göz yaşlarım çay olub, İlim bir qərinə, günüm ay olub. Mən bilmirəm, kimə deyim dərdimi? Fələk daşım atdı çox uzaqlara, Çıxıb Ağbabadan gör düşdük hara!? Arif yoxdu, dərdim çəkəm bazara, Mən bilmirəm, kimə deyim dərdimi? Danışmağa sözüm qalmıyıb mənim, Ağlamağa gözüm qalmıyıb mənim , Kül olmuşam, közüm qalmayıb mənim, Mən bilmirəm, kimə deyim dərdimi? Şan – şan oluf sizlar sinəmdə dağlar, Nə cərrah sariyar, nə təbib bağlar. Bu dərdləri yağı görüb qan ağlar! Mən bilmirəm, kimə deyim dərdimi? Ələnib saçıma dünyanın qarı, Qəm üstə köklənib, könlümün tarı. Tutub tellərimdən qəm cəlladları. Mən bilmirəm, kimə deyim dərdimi? Qul Heydərəm, müxənnətə yağıyam, Hicran şəhərində, ev tustağıyam. Bu qoca vaxtında qəm tapdağıyam, Mən bilmirəm, kimə deyim dərdimi? * * * Mənim Ağbaba deməsəm dilim lal olar, Çıxarmı yadımdan Ağbabam mənım? Necə ağlamayım, necə yanmayım, Dağılan, talanan el - obam mənim. Bir tanrı kiridər mən tək ağları Nə vaxtdı gözlərim görmür dağları. Öləni çox oldu, hanı sağları, Uzaqlarda qalan yurd - yuvam mənim. Heydər, ələ gəlməz o gedən çağlar, Qız - gəlin yasdadı, qaralar bağlar. Göyləri titrədir nalələr - ahlar, Dərdü qəmim mənin, bədduam mənim. * * * Meydanıma Çoxdan ürəyində tutmuşdun məni, İndi ki gəlmişəm, çıx meydanıma. Aslansan, pələngsən, filsən, kərkədan, Betər alov kimi ax meydanıma! Qəlbini yandırır kinin, küdrətin, Caduda, pitikdə çoxdu qüdrətin, Sən bilən deyilsən qədir-qiymətin, Gurla ildırım tək, çax meydanıma! Mən Aşıq Heydərəm, sığınnam haqqa, Şeytansan, olsa da başında cıqqa, Qapına gəlmişəm, çıxarma hoqqa, Yaxşı nəzər yetir, bax meydanıma! * * * Millət qurban desə, siz məni kəsin Aldım məktubunu, bil Mahmud ağa, Layiq deyil səni tutam qınağa. Canım olsun millətimə sadağa, Millət qurban desə, siz məni kəsin. Doğru sözü yalan mənəm, ay ellər, Quru yerdə qalan mənəm, ay ellər, El – obası talan mənəm, ay ellər, Millət qurban desə, siz məni kəsin. Mən hicran qəhrində, qəm taptağıyam, Mehri-məhəbbətdən ev tustağıyam. Cəmi Ağbabanın qurbanlığıyam, Millət qurban desə, siz məni kəsin. Yurdu taptaladı düşmən atları, Tutdu tellərimdən qəm cəlladları, “Ağbaba Alayının” mərd ovladları, Millət qurban desə, siz məni kəsin. Gecə hicran şahı yəhərlər məni, Tutar tənələrə səhərlər məni. Boğur qəmlər məni, qəhərlər məni, Millət qurban desə, siz məni kəsin. Zalım yağı, nə durmusan qəsdimə!? Qəm ləşkəri hücum çəkib üstümə. Cümlə - cahan batıb mənim tüstümə, Millət qurban desə, siz məni kəsin. Hicran yeksanıyam, qəm tarümarı, Sönübdü ömrümün çıl-çıraqları. Incitmə Heydəri, incitmə barı, Millət qurban desə, siz məni kəsin. * * * Nədi Boy-buxun, sir-sifət, cavanlıq səndə, Bulud tək tutulub dolmağın nədi? Dərd-sərini söylə, bir biz də bilək, Heyva tək saralıb solmağın nədi? Qaradan qaradı o baxt dediyin, Əlbət ki, varlıdı xoşbəxt dediyin. Yerini alarmı hər vaxt dediyin, Dərdi sinən üstə almağın nədi? Aşıq Heydər deyər, bir az tab elə, Aç sinədəftərin, bir kitab elə. Səxalı bəylərə bir xitab elə, Baxtın qarasında olmağın nədi? * * * Oldu Sevinc dedim, qəm ələndi payıma, Könül evim alovlandı, kül oldu. Fələk qəm zəncirin saldı boynuma, Mənim itirdiyim, ağır el oldu. Səksən ildə köz közlədim, köz aldım, Zaman, zaman dərdü - səri tez aldım, Hər naşıdan tənə, tənə söz aldım, Tülkü meydan açdı, çaqqal fil oldu. On beş yaşda baş ağardı, diş düşdü, Yirmisində gözlərimə yaş düşdü. Yollarıma dolu yağdı, daş düşdü, Qarğa bülbül oldu, qanqal gül oldu. Şura gəldi qıfıl vurdu dilimə, Zalımın qılıncı dəydi belimə. Otuzunda qəm iz açdı könlümə, Dərdü - kədər sinəmdə tel - tel oldu. Göz önündən o göz dağı getmədi, Məzarımda dərd göyərdi, bitmədi, Xəzan oldu, baxçam bara yetmədi, Axan göz yaşlarım, döndü sel oldu. Gedən yox, gələn yox, günümüz qara, Yüz ildi sinəmnən çəkilmir yara. Ömrü hədər yazdı fələk Heydara, Getdi şan - şöhrətim, günüm il oldu. * * * Ona dedim: La İlahə İlləllah O dünyada stirükafir əkildi, Misqal- misqal badyalara töküldü, Qoxusundan suvalçılar çəkildi, Onda dedim: La İlahə İlləllah! Yeridim yetişdim bir güllü bağa, Gülün dərdim, düşdüm bir ağ otağa, Ənkir- Münkür dayanmışdı çomağa, Onda dedim: La İlahə İlləllah! Oxudum, öyrəndim, heç nə bilmədim, Ağladım, sıtqadım, gah da inlədim, Könlümün səsini özüm dinlədim, Onda dedim: La İlahə İlləllah! Biçarə Heydərin qalmadı tabı, Bir suala verdim min bir cavabı, Həkk oldu sinəmdə eşqin kitabı, Onda dedim: La İlahə İlləllah! * * * Oxudum, öyrəndim heç nə bilmədim Qarış, - qarış el obanı dolandım, Oxudum, öyrəndim, heç nə bilmədim. Qərib kimi düşdüm dildən - dillərə, Gədalarda insaf – mürvət görmədim. Duman - çiskin basıb o Güney dağı, Qan ağlayır Ağbabanın torpağı. Daha dalğalanmır Türkün bayrağı, Tutuldu gözlərim, deyib gülmədim. Xan yurdunda tülkü - çaqqal ulayır, Xoruz kürkə yatır, toyuq banlayır. Mən yazığı gədə - güdə danlayır, Görən niyə mən irəldən ölmədim? Gədalar ağa olub çıxdılar taxda, Ulağın başına saldılar noxta. Bu dövranda hər şey olsa da saxta, Dar ayaqda, dediyimdən dönmədim. Heydər der: ağamdan dağ gücü aldım, Millətin qəlbində daim ucaldım. Vədə çatdı, vaxt yetişdi, qocaldim, Oxudum, öyrəndim, heç nə bilmədim. * * * Oy oda məni Mən qürbətin qucağında yatıram, Bir kimsənəm yoxdu, oyada məni. Yavaş – yavaş qəm gölündə batıram, Harda yaxaladı oy, qada məni!? Tor görür gözlərim, gəzə bilmirəm, Dərdimi vətənə, yaza bilmirəm, Arvadın cəbrinə dözə bilmirəm, Didir, parçalayır, oy, o da məni. Qul Heydərəm, bir il qürbətdə qalan, Yurdu talan olan, eli dağılan. Şamu - səhər bu Mərənddə ağlayan, Zalım fələk salıb, oy, oda məni. * * * Oynatmasın Ərəsət günüdür, qoç igidlərim, Düşmənlər əlində daş oynatmasın. Mərdin qabağına çıxmasın namərd, Müxənnət sevinib qaş oynatmasın. Qara zurna çalır döyüş cəngini, İgidlər oynayır millət səngini, Əzin, igidlərim, düşmən əngini, Başsız qalan kafir baş oynatmasın. Ey Allah, sən yetiş mərdin dadına, Qoy xətər gəlməsin Heydər adına. Onun xatirinə, onun adına, Gələnlər gözündə yaş oynatmasın. * * * Qaldım Ürəyim nəzilib, qəlbim əzilib, Atadan - anadan aralı qaldım. Elə nalə çəkdim, göylər ağladı, O ərşü - əlaya bir səda saldım. İlahi, pənahım bir sənsən, neynim, Yetiməm, qəribəm, açılmaz eynim. Gözlərim ağlardı, düyünlü çiynim, Tale belə gətdi, qəmdən pay aldım. Heydər, havalanma, qismət bu imiş! Sənin qara dərdin cana yetirmiş! Bəxtin hara getdi, ora qurumuş, Neçə yol kövrəlib xəyala daldım! * * * Qalmadı Türk deyənin dilçəyini kəsdilər, Haq deyəni tapdalayıb əzdilər, Millətimi dərd yoluna düzdülər, Bu ellərin bir büsatı qalmadı. Bu dünyanın malı başa baladı, Zalım fələk gözümüzü bağladı. Qaxtağanlar fil yurdunu taladı, Xan yurdunun varidatı qalmadı. Zalım oğlu, meyl etmisən şəraba, Söyüdlü, Mustuqlu1 qalıb xaraba. Hanı toy büsatlı o iyirmı oba, Kitabdan silindi, adı qalmadı. Vicudü cismimi alıbdi vərəm, Təpədən dırnağa kədərəm, qəməm. Öldü qoç Koroğlu,öldü xan Kərəm, Igidlərin bir qiymatı qalmadı. Aşıq Heydər lal oldu, üzü gülmədi, Zər qədrini bizim Şura bilmədi, Yollar bağlı qaldı, gedən gəlmədi, Ağbabanın bir baratı qalmadı. * * * Sənəm gəl Ey nazənin, ərin salam söylədi, Hayıfsan bisahib qalma, Sənəm, gəl. Inan sənsən bu ellərin gözəli, Məcnunu çöllərə salma, Sənəm, gəl. Bu bir gözəl tərlan kimin yarıdı, Ağ məmələr Ərzincanın narıdı. Sinən şəfa verən dağlar qarıdı, Yazığın canını alma, Sənəm, gəl. Cimcimədi o Düzkəndin torpağı, Orda mərəz tapmaz insanın sağı. Sənəm sənsən qızıl gülün yarpağı, Bulud tək tutulub dolma, Sənəm, gəl. Getdiyim bu yollar haqqın yoludu, Bil ki, Aşıq Heydər Kəntər quludu. Görürəm, cavansan canın suludu, Tağında saralıb solma, Sənəm, gəl. * * * Söylə hardasan Əcayib sevdaya düşdüm, allahım, Ölürəm, ilqarım söylə, hardasan? Bilmirəm dilbərim nədi günahım, Təbibim, loğmanım, söylə, hardasan? Bir bağban olmuşam, bağ bar gətirmir, Əkdiyim gülləri torpaq bitirmir, Mən çəkən yükü heç fil də götürmür, Ey nazlı ceyranım söylə, hardasan? Sevdasız günlərim yadıma düşür, Cismim də, ruhum da, titrəyir üşür, Hər dəfə ömrümdən bir yarpaq düşür, Xınalı maralım, söylə, hardasan? Axtardım sevdamı günüm il oldu, Hara qədəm qoydum ora, gül oldu, Heydər eşq odunda yandı kül oldu, Mehriban soltanım, söylə, hardasan? * * * Tək qalıb Necə dözüm, necə durub-dincəlim, Mən ah çəkim, gərək dərddən incəlim, Axı necə cana gəlim, dirçəlim, Qoca Aslan yuvasında tək qalıb. Hər tərəfdən düşmən gəlir üstümə, Ermənilər durubdular qəsdimə, Bilirsiniz yağıların qəsdi nə, Bir mərd kişi obasında tək qalıb. Aşıq Heydər səhv elədi, qanmadı, Əmisinə canı-dildən yanmadı, Tatlar kimi inadından dönmədi, Ölüm-itim xanasında tək qalıb. * * * Üç yaşına çatıram Tale küsüb, qismət qaçıb, bəxt yatıb, Kövrəlmişəm, üç yaşına çatıram. Ağıl başda deyil, ruh da bədəndə, Xəstə düşüb qürbət eldə yatıram. Həm Əliyəm, həm Vəliyəm, həm dəli, Işlərim ah – vayla getmir irəli. Vətəndi könlümün şeyrü, qəzəli, Aç mədahın, nə istəsən satıram. Sol qolu sağ əllə tuta bilmirəm, Yumulmur kirpiyim, yata bilmirəm, Qəm mənə yoldaşdı, ata bilmirəm, Yavaş - yavaş qəm gölündə batıram. Əs, ey səba yeli, dolan dağları, Vətəndi kiridən mən tək ağları. Ömür bostanımın solur tağları, Qəza tutub, mən ağlımı atıram. * * * Var Şanlı vətənimin hər qarışında, Hər daş altda bir igidim, ərim var. Savaş meydanında, yetmiş yaşında, Rəcəb adlı bir yüzbaşı nərim var. Zirvədəyəm, qorxutmayır çən məni, Sala bilməz heç kim burdan gen məni. Oğul kimi bas bağrına sən məni, Özüm boyda bir sehirli sirrim var. Ucaltmışam hər bir yerdə səsimi, Tanıyırlar soykökümü, nəslimi. Qaxtağanlar dana bilməz əslimi, Türk oğluyam, burda mənim yerim var! Qul Heydərə aranlı de, dağlı de, Bu vətənə, bu mahala bağlı de. Hər vaxt mənə bu torpağın oğlu de, Çünki, burda “Təbriz” adlı pirim var. * * * Verdilər Atlaz yorğan, atlaz döşək yumuşaq, Boynuma almışam bir parça uşaq. Aşıq Heydər, gəl mərdana danışaq, Baba, məni bir nadana verdilər! Səhər olar durar gedər quzuya, Ağ lavaşı doğrar tökər tazıya. İgid deyil ağ baldırım qavzıya, Baba, məni bir nadana verdilər! Qoyun deyil, qoyunlara qatam mən, Öküz deyil, cələblərə çatam mən, Igid deyil sarılam mən, yatam mən, Baba, məni bir nadana verdilər! Necə baxım, indi bu ev - eşiyə, Sınıq – salxaq toz basmış boş beşiyə. Səhər – səhər durub qaçır meşiyə, Baba, məni bir nadana verdilər! Kol - kos yığıb yad ocağını yandırır, Çöldən gəlib, qab - qacağı sındırır. Nahaq yerə bu Sənəmi yandirir, Baba, məni bir nadana verdilər! * * * Xoflanma Sözün ziyanı yox, sazın ondan çox, Sənətkar görəndə xoflanma bir də. Sərraf adamsansa, düz gözümə bax, Sözümdə gövhər var, inci də, dürr də. Sənətkar sayılmaz yoldan ötən, bil, Haqqa biz də quluq, köləyik, sən bil, Korsan, ya görmürsən, sil, gözünü sil, Məni azca söylət, dindir bu yerdə. Sənə qənim olar haqqın sahibi, Şeytanlıq puluyla doldurma cibi, Bu Aşıq Heydərin budur tələbi, Boz üzün göstərmə mərd oğlu mərdə! * * * Yaşılbaş sonalar göllərə gəlir Göy buludlar arasından süzülüb, Qatar - qatar nizamlanıb düzülüb, Bir cərgəsi qatarından üzülüb, Yaşılbaş sonalar göllərə gəlir. Sellər - sular, aşır – daşır, sellənir, Buz bulaqlar məcrasında göllənir, Bülbül cıxıb yuvasından dillənir, Yaşılbaş sonalar göllərə gəlir. Ildırımlar guruldayıb çaxışır, Novruz gəlir, küsülülər barışır. Arpa göldə ördək qaza qarışır, Yaşılbaş sonalar göllərə gəlir. * * * Zamanənin ələyindən ələndim Zəmanənin ələyinnən ələndim, Can içində cana gəldim,doğuldum. Bir pərinin xəlbirinnən keçmədim, Bəli deyib bəlasına vuruldum. Ağam gəlib sığal verdi telimə, Nur dolu badəni verdi əlimə, Qarəsindən nalə endi dilimə, Bir kövsər gölündə batıb duruldum. Aşıq Heydər düşüb yorğan - döşəyə, Arvad qoymur çıxım evdən, eşiyə. Qurban olum bunu yazan kişiyə, Qara baxtım yatdı, özüm yoruldum. * * * == Ustadnamə == Gələndə Mərifət gözəldi, anlayib bilsən, Susarsan əlbət ki, yeri gələndə. Ağıllı hikmətlə özün qoruyar, Qəflətən adamın kürü gələndə. Səbirlə iş görən olmaz peşiman, Vaxtında dağlardan çəkilər duman. Müxənnət həmişə olar bədgüman, Diksinər evinə biri gələndə. Aşıq Heydər deyər, sən də qan sözü, O haqqı dananın, kor olar gözü. Sinənin altına bağlama közü, Bəxtin qalxıb sənə bəri gələndə. * * * == Təcnis == Ay ağa Dindirməyin halı müşgül olmuşam, Fələk məni başdan salıb ayağa. Sevda sinəm üstə vurub səd yara, İlim bir qərinə, gün olub ay, ağa. Hicran dağı çəkib yala hasarı, Gurum - gurum, yaraları ha sarı. Görəydim mah camalını ha sarı, Bircə dəfə üz sürtəydim ayağa. Xumarlanıb sərxoş baxma bu yana, Sərkərdən gəzirəm mən yana - yana. Biçarə Heydəri az danla, yana, Salma məni nəzərindən, ay ağa! * * * == Divanilər == Düşmüşəm Bir qanmazın ucbatından, Böyük bəlaya düşmüşəm. Açılıb yerin göbəyi, Yanar lavaya düşmüşəm. Müxənnətin yoxdu zatı, Çürükdü onların qatı, Məni satıb keçəl Tatı, Qarsda qalaya düşmüşəm. Urus gəlir, millət gedir, Qaradavoy “malçi” deyir. Çinovniklər at belində, Körpə uşaqları döyür. İblisə oxşayan kafir, Qaxtağan nadanı öyür. Bura şeytan məclisidi, Çaşıb aloya düşmüşəm. Gedəmmədim ziyarətə, Gözlərim yolda qaldı! Neçə illik qazancımı, Urus əlimdən aldı! Qəsdi məhv etməkdi məni, Qarsın qalasına saldı! Namərd yağının cəngində, Mən ah – vaya düşmüşəm. Bir göz qırpımında, ellər, Müqəddəs yolu getdim! Öpdüm ziyarət daşını, Mətləbimə mən yetdim! Ruhum uçdu Ərəfatdan Haqq ətəyindən tutdum! Mövlam yetişdi dadıma, Ərşü - əlaya düşmüşəm. Sinəmdə bir tufan qopdu, Haq nurunda üzürəm! Bu yollarda, kim deyər ki, Mən usanıb bezirəm!? Cənnəti – rizvana girib, Güllərini üzürəm! Mən Aşıq Heydər olandan, Müsəllaya düşmüşəm! * * * Gəlmişəm Yahu,Yahu! deyə - deyə, Bu meydana gəlmişəm. Agam mənə yol göstərib, Yol ərkana gəlmişəm. Qazandıgım el hörməti Zəhmətimin bəhridir. İçib eşqin badəsini, Şirin cana gəlmişəm. Təriqətdən dərs almışam, Şəriətdən halıyam. Adı dil əzbərim, özü təkdi, Mən mövlamın quluyam. Şərurdanam, köküm bəlli, Məqamım var, uluyam. Qurana baş endirib, Din - imana gəlmişəm. Açmışam sinəm, ay bala, Əyil bax bu güzgüyə. Aşıx gərək hər məqamda, Ədəb - ərkan gözdüyə. Yüz daşına, yüz düşünə, Mətləbini düz deyə. Mən ellərə arxalanıb, Şöhrət – şana gəlmişəm. Aşıq odur danışanda, Ağzından nur süzülə. Sözləri də nizamında, Muncuq təki düzülə. Mərd – mərdana məclis qura, Pisin canı üzülə. El içinda gəzə - gəzə, Ətə - qana gəlmişəm. İnsan olan, dəli olma, Yola gəl, haqqı tanı! Qadir Allah lazım bilib, Xəlq eləyib insanı. Alan bir gün alacaqdır, Verdiyi şirin canı. Yönüm düşüb dağ – dərəyə, Biyabana gəlmişəm! Bu dağların zirvələri, Buludlara ucalıb. Aşıq Qurban bu ellərdə, Yaradandan güc alıb. Götür qələm, vur kitaba, Sözləri məndə qalıb. Köhnə yaram sızıldayır, Ox - kamana gəlmişəm. Ümmanlara baş endirmək, Dəryanın qaydasıdı. Qəribə paşa demişəm, Yetimlər atasıdı. Can istəsən əsirgəməz, Bu elin qalasıdı. Həqiqətdən halıyam mən, Haq divana gəlmişəm. Bu ellərin çəngavəri, Mahmud ağa, Mahmud ağa. Qabağında diz çökübdür, Yüzlərlə qaxtağan dığa. İgidlərə bəli dedim, Canım ona sadağa. Dastan deyib ərənlərə Toy - nişana gəlmişəm. Aşıq Şenlik adı gələndə, Məclislərə nur yağır. Nəsib meydana girəndə, Çoxları olur fağır. Bura saqi məclisidir, Məhəmmədi də çağır. Matahım həmin matahdı, Sözlü xana gəlmişəm. Bu mollaya mən nə deyim, Sınayır öz baxtını. Sübh namazı qanad çalıb, Gözləyir yas vaxtını. Dirilərdən xərac alıb, Doldurur daş taxtını. Bu zalımın zülümündən, Bezif cana gəlmişəm. İncitmə Aşıq Heydərı, Qorx cəhənnəm odunnan. Molla Dursun, sən şeytansan, Danışma haq adınnan. Mən atlıyam, piyadasan, Çıxmasın bu yadınnan. Süvar olub səmənd ata, Qağızmana gəlmişəm. * * * Gərək (Aşıq Qurbaniyə bənzətmə) Ey fələk sənlə əlləşməyə, Bir böyük meydan gərək. Bir sən olasan, biri mən, Bir adil divan gərək. Yetmiş idim mürşüdümə, Dərdimə dəva qılam. Mən nə bilim mən gəlincə, Xakinan yeksan gərək. Muyi zifin kölgəsində, Bir zaman yatmaq gərək. Tabutumun sərv ağacı, Gül kəfən etmək gərək. Tez yuyun, tez aparın, Məqama yetmək gərək. Umaram ki, bər Xudadan, Cənnəti məkan gərək. Heydara derlər ki, ey əzizim, Yar üçün qəm eyləmə. ....... ....... ....... ....... Bunu yazan belə yazıb, Çoxlara nişan gərək. * * * Mənəm Dəymə fələk, dəymə mənə, Ümmanda qərq olan mənəm. Hicri-qəmin qucağında Dəryada qərq olan mənəm. Düşmüşəm qəm dəryasına, Dinib - danışa bilmirəm. Gözlərim baxmır sözümə, Sellərdə qərq olan mənəm. Qəm mülkünün paşasıyam, Virandı könlümün mülkü. Ax, ay zalım, zalım, zaman, Yıxmısan binəmi bil ki! Gəlin görün nə haldayam, Bəyənmir aslanı tülkü. Sönüb könlümün günəşi, Tufanda qərq olan mənəm. Dindirməyin məni, ellər, Yaram sağalmaz yaradı. Danışmağa halım yoxdu, Hər yerim para - paradı. Desələr ki, Aşıx Heydər, Bir topdağıtmaz qaladı. Qızıldan taxtım olsa da, Yeksanda qərq olan mənəm. * * * Molla Qara Dillərə salaram səni, Od tutarsan, molla Qara. Xəstə olub sürünərsən, Çox yatarsan, Molla Qara. Başın dəyər neçə daşa, Huşun itər, ağlın olmaz, Düşərsən tozlu yollara, Dərd satarsan, Molla Qara. Mollalardan xeyir gəlməz, Neçə-neçə görmüşəm mən, Üz-üzə gəlmişəm, neynim, Paylarını vermişəm mən. El içində ad-sanım var, Məclisimi qurmuşam mən. Mən atlıyam, piyadasan, Sən çatarsan, Molla Qara. Cıldır, Ağbaba, Qağızman, Qarsdan belə gəzən mənəm. Şirin-şirin söhbətləri, Nizamlayıb düzən mənəm. Dərin-dərin dəryalarda, Qəvvas kimi üzən mənəm. Üzmə şərin ümmanında, Tez batarsan, Molla Qara. * * * Sən Gözün qızıb, ağlın itib, Gəlibsən meydana sən, Dayanamazsan, a bala, Burada mərdana sən; Qol qırılar, əng əzilər, Sonra peşiman olarsan, Ataşı salarsan betər, Əyilən gərdənə sən. Dana kimi buynuz atıb, Kələ sürtünmə belə. Gülünc olub el içində, Düşərsən dildən-dilə, Köməyinə çatan olmaz, İstər yüz ağız mələ. Tay olarsan gədələrə, Oxşarsan xortdana sən. Aşıq Heydər haqqı öyər, Öyüdünü eşit gəl. Kolu-kosu tez aparar, Qopsa əgər qəfil sel. Kor deyilsən sən, ay gədə, Gözlərini yaxşı sil; Doğru söz de, düşün danış, Uymaynan şeytana sən. * * * Olubdu Baxın, Məhəmmədin işinə, El içində xar olubdu. Uyubdu şeytan felinə, O xənnasa yar olubdu. El eşidib, özü də bilir, Sanasan ki, kar olubdu. Bəyənmir dostu- tanışı, Bu qurumsaq kor olubdu. Məşədi iki qoyun verib, Bu gəda quzuya dönüb. Saqqalı bulaşıb yala, Nazilib tazıya dönüb. Öksüzdə meydan açıbdı, Deyirlər qazıya dönüb, Vurulub dünya malına, İşi tam ah - zar olubdu. Doğru söz de, düşün danış, Hədyan demə qul Heydara. Ağlın qaçıb, huşun itib, Başın götür vur divara. Yahu, yahu deyə - deyə, Əl atmışam Zülfüqara. Adına dastan demişəm, Mahallarda car olubdu. * * * Var Dediyini yaxşı qandım, Hər yerin pələngi var, Kiminin yaxşı sifəti, Kiminin bəd rəngi var; Yaxşı-pislə qoşa gedər, Bu dünyada yan-yana Tula ayrı, köpək ayrı, Bir də maşqı, şəngi var. Mərdə tanrı hər şey verib, Bilirsən bunu sən də, Sözlərimə sən baxırsan, Batıb noğula, qəndə; Mən də sözün aşiqiyəm Niyə durum ki, gendə Güləşmirəm, deyişirəm Sözün də bir səngi var. * * * == Qıfılbənd == Kimdədi Nə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi, Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi. Pul oduna ömür verən, nə qazanar dünyada! Haqq atəşi, üzün nuru, dolu camlar kimdədi. Vari-dövlət qızıl-gümüş, ləlü-kövhər nə şeydi, Nədi söylə kişi işi, bu dünyada nə yeydi, Qara saçı nə ağartdı, əlif qəddi nə əydi, Ağır məclis şirin söhbət, qara damlar kimdədi. Mərd dediyin neçə kəsdi, işi-gücü yoxdumu, El içində yeri-yurdu, varı-yoxu çoxdumu, Mala-pula meyl eyləmir, harda qurub taxtını, Aşıq Heydər sual eylər, şirin dəmlər kimdədi. * * * == Deyişmələr == Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (1) Aşıq Nəsib: Pul, var-dövlət olan kasıba gəlməz, Əliqabarlıdan uzaq dolanar. Bəxt tapar axmağı, ya da sarsağı, Mərdin də başına sazaq dolanar. Aşıq Heydər: Gətirməz dünyada kəsıbın işi, Nə olsun hər yanda uzaq dolanar. Qurumaz hər zaman gözünün yaşı, Yediyi qarınla pazax, dolanar. Aşıq Nəsib: Göyçək gərək verə pislə baş-başa Yanıb tökülənlər edə tamaşa. Kişinin hər işi ilişir daşa, Xoş gün ona olar yasaq, dolanar! Aşıq Heydər: Fələyin qanunu yazılıb belə, Çirkin-pis tuş olar türfə gözələ. Fağırın könlünü kim alar ələ, Demək-gülmək ona yasaq, dolanar. Aşıq Nəsib: Qəribə işləri çox gördüm Nəsib, Fələk çoxlarının nəfəsin kəsib. Vaxt var boran olub, betər bad əsib, Kimi dərd içində naçaq dolanar. Aşıq Heydər: Dünya görən bilir avandı-tərsi Kənd-kənd dolanmışam Çıldırı-Qarsı. Pirim pünhan yerdə veribdi dərsi, Demə Aşıq Heydər qoçaq dolanar. * * * Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (2) Aşıq Heydər: Yahu-yahu deyən kəslər ucadadı, ay Nəsib, Oğru olan, çuğul olan bacadadı, ay Nəsib. Əyri yollar bizə olmaz, uğraşırıq haqla biz, Yaxşı mətləb, dürlü sözlər qocadadı, ay Nəsib. Aşıq Nəsib: Mərd olanlar uca tutar təmiz adı, ay Heydər, Kökü bəlli, düz əməlli əsli-zatı, ay Heydər. Oğru, çuğul nə karədir, salma sözü belə sən, Gəl bu yerdə yaddan çıxart mazarratı, ay Heydər. Aşıq Heydər: Yaxşı işdən, xoş niyyətdən sözünü tut, söz danış Ya alış yan, qiybət elə, bu fələkdan yüz danış. Düz adamsan yolun birdi həqiqəti düz danış, Sən seçənsən doğru-durust dostu – yadı, ay Nəsib. Aşıq Nəsib: Yaxşıynan pis qoşa gedir, aramıza cüt çıxır, Vaxt olur ki, güzranıma salaxana it çıxır. Adam var ki, var-yox gedir, el içinə lüt çıxır, Yeri-yurdu viran olub, çaladadı, ay Heydər. Aşıq Heydər: Tanrı verən paya şükür, azı-çoxu deyəmməm, İnsanların gözü acdı, çoxu toxdu deyəmməm. Qismət verən özü bilir həmin vaxtı deyəmməm, Alan bir gün alacaqdı amanatı, ay Nəsib! Aşıq Nəsib: Haqq verənə mən qailəm, sən özün də bilirsən, Hara getsən peşimləsən, sən də ora gəlirsən. Telli sazla ürəklərdən dərdi-qəmi silirsən, Mən olmuşam sözdən kənar, onun matı, ay Heydər! * * * Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3) Aşıq Heydər: Bu dünyada dərd görmüşəm, Ağrıyıb başım mənim. Odur elə ürəyimə, Axıb göz yaşım mənim. Çox gəzmişəm, dolanmışam, «Haqq» deyə-deyə eldə. Qazandığım el hörməti, Dərddi daşbaşım mənim. Aşıq Nəsib: Sən də mənim bir tayımsan, Dağılmaz huşum mənim. Neyləyim ki, Heydər deyir, Bu könül quşum mənim. Bizim bu doğma ellərdə, Yaxşıca gəzmək gərək. Mən ellərdən güc almışam, Bişibdi aşım mənim. Aşıq Heydər: Çox odlara tutuşmuşam Hələ də sönmür odum; Qıpqırmızı qızarıbdı Təndir tək könül badım. Qızınanlar heç az deyil, İçində dostum-yadım. Bəxt deyilən qara gəlib, Ağırdı daşım mənim. Aşıq Nəsib: Ey yolunda gəzən aşıq, Dərdə düşər – qaydadı. Bərkə-boşa düşmək yəqin, Haqq quluna faydadı. Ömrü kəsir – fələyə bax, Gör bir o nə haydadı. Sən də çox yaxşı bilirsən, A qəm yoldaşım mənim! Aşıq Heydər: Neyləməli, sözdü gəldi, Biz də dilə gətirdik. Dərdü-səri qəlbimizdən Atdıq, ələ gətirdik. Söz-söhbəti şirin edib, Eldən-elə gətirdik. Heydər, amma unutma ki, Artıbdı yaşım mənim. Aşıq Nəsib: Söz ki gəldi ortalığa, Könlümüz güldü burda. Hər deyilən yeni fikir, Təzə-tər güldü burda. Nəsib, qəmdən çox danışdıq, Belini bükdük burda. Dərd deyilən, bax, azaldı, Bir oldu beşim mənim. * * * Çoban Əli ilə Aşıq Heydərin deyişməsi COBAN ƏLİ: Bir sarı köynəyin yandın oduna, Düşdün çöldən-çölə divanə kimi. Oduna bir kimsə su da səpmədi, Qəlbin yanıb oldu viranə kimi. AŞIQ HEYDƏR: Haqqı dana bilməm, önündə qulam, Tez-tez incitsə də dərdü- sər məni. Çöllərə düşəndən cavan yaşımdan, Təbim moc verdikcə tərpədər məni. ÇOBAN ƏLİ: Durub dincəlmədin eşq ataşından, Bir kömək görmədin yar-yoldaşından. Qoruna bilmədin qəmin daşından O yıxıq qəlbini qurana kimi. AŞIQ HEYDƏR: Kimi uzaq oldu eşq ataşından, Coxu məğlub çıxdı dərd savaşından, Yolumu hey saldım bulaq başından, Qəm də etdi belə dərbədər məni. ÇOBAN ƏLİ: Çoban Əli deyər, haqqı danma gəl, Mərdin qabağına çıxar yüz əngəl. O qara baxtınan olursan mətəl, İndi dolanırsan pirana kimi. AŞIQ HEYDƏR: Aşıq Heydər deyər yatdığım yerdə, Ərərnlər-ərəni üstümdə durdu. Nur dolu badəni əlimə verdi, Içdim tutdu odu bir qədər məni. * * * Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi Aşıq Qənbər: Başım neçə daşa dəyib, Günüm keçib bu dağlarda. Yağış yağıb, dolu döyüb, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Başa hərdən daş da dəyir, Gün görmüşük bu dağlarda. Fələk qanan kəsi döyür, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Yaxşı günüm çox az olub, Gümanım sözbət-saz olub. Boran əsib, ayaz olub, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Yaxşı günü tapmaq olmaz, Doğru yoldan sapmaq olmaz. Sazdan-sözdən qopmaq olmaz, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Pis günlərə dözə-dözə, Gün görürəm təzə-təzə. Mən qane olmuşam aza, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Pis günü mən də görmüşəm, Duman da, çən də görmüşəm, Düşəndə bəndə görmüşəm, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Yetimlikdə böyümüşəm, Daşa dəyib könül şüşəm. Qanadı qırıq bir quşam, Günüm keçib bu dağlarda Aşıq Heydər: Mənim də könlüm sınıqdı, Bağrımın başı yanıqdı. Çırağım yanır, sönükdü?! Gün görmüşük bu dağlarda Aşıq Qənbər: Adım Qənbər, özüm fağır, Dərdim çoxdu, yüküm ağır. Sən ustadsan, bir çal-çağır, «Günüm keçib bu dağlarda». Aşıq Heydər: Könlümü elə vermişəm, Heydərəm, başda durmuşam. Ağır məclislər qurmuşam, Gün görmüşük bu dağlarda. * * * Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsi Aşıq Heydər: Hanı Ağbabanın uca dağları? Bir başımdan qalxan dumana bax - bax! Vətəndi kiridən mən tək ağları, Sən mənim qəlbimdə gümana bax – bax! Məşədi Muxtar: Bir az insaf elə, ağlatdın bizi, Yenə dərdi qoydun kamana bax- bax! Yandırdın söz ilə mərdi odlara, Ah çəkir Məmmədə, Zamana bax- bax! Aşıq Heydər: Vətən həsrətindən yanıb gül oldum, Özüm öz dərdimə qara qul oldum. Mərənd qucaq açdı, buna gül oldum, Ürəyimdə qopan tufana, bax-bax! Məşədi Muxtar: Axı səni sevir hər kəs bu yerdə, Yurdu itirəndən düşmüsən dərdə! Şükür rast olubsan kişiyə, mərdə, Bu gözəl dəmlərə, həm ana bax-bax! Aşıq Heydər: Dar gündə dadıma çatdı yetənlər, Amma ki, beynimdən çıxmır ötənlər. Ölən öldü getdi, qaldı itənlər, Bizləri yandıran zamana bax-bax! Məşədi Muxtar: Mərənd mərd yurdudu, darıxıb durma! Ay söz xiridarı, qəmə baş vurma! Könül sarayını ahla uçurma, Gözümdən damcı tək damana bax-bax! Aşıq Heydər: Ürəyim yaralı, sinəmdə od var, Yurdun qucağında bir ayrı dad var. İllər ayrısıyıq, qohum var, yad var, O qaçhaqaç salan yamana bax- bax! Məşədi Muxtar: Dar gündə dadıma yetənlər oldu, Mərdin harayına çatanlar oldu! Özünü odlara atanlar oldu, Fikirə, xəyala cumana bax- bax! Aşıq Heydər: Ağbaba deyəndə qəm gəlir gözə, Vətən həsrətindən gəlmişəm dizə! Yenə Yetim Heydər güc verir sözə, Bəlkə gələ bir az imana bax - bax! Məşədi Muxtar: Muxtarı hər zaman öz yanında gör, Dərdi gözdən itir, dəmə də yer ver. Könlü sınaq çoxdu, bizə dayaq dur, Gətirmə könlümü amana bax-bax! * * * Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsi Aşıq Heydər: Bulaq üstə duran qızlar, Xəbər verin ellərimnən! Suzuxmuşam su istərəm, Tər xınalı əllərinnən. Şikəstə Pəri: Bizlər su vermərik yada, İlqar - iman gedər bada. Gözəlləri salma oda, Su iç qalma yolunnan. Aşıq Heydər: Əslim Türkdü, mən danmaram, Canım odlara salmaram. Belə bulaqdan qalmaram, Xəbər verin ellərimnən. Şikəstə Pəri: Babamın ismi Piridi, Babam bu yerin nəridi. Ölməyib hələ diridi, Su iç qalma yolunnan. Aşıq Heydər: Nər oğlu, nərin biriyəm, Ağ sinən üstə çürüyəm, Baban ölə mən sürüyəm, Xəbər verin ellərimnən. Şikəstə Pəri: Eşqin dərindi dəryası, Pərin ölüb al qisası. Az danış, zalım balası, Su iç qalma yolunnan. Aşıq Heydər: Tapmışam qəm – kədəri, Dağılıb könlüm şəhəri, İncitmə Aşıq Heydəri, Xəbər verin ellərimnən. Qızlar bulaq başından gedəndən sonra Aşıq Heydər qəlyanına siqar doldurub bir-iki qurtum sinəsinə çəkir. Sonra arxası üstə uzanaıb səmaya baxa - baxa deyir: Bir bulaq başında maralı gördüm, Ağlımı başımdan apardı getdi. Sözləri ox oldu, keçdi sinəmdən, Könlümü sinəmdən qopardı getdi. Bir sular sonası çıxdı qarşıma, Bir nəhəng ildırım çaxdı başıma. Fələk məni çırpdı əhlət daşına, Gözlərim qaraldı, o vardı getdi. Gözəllər gözəli Borçalı qızı, Qövr edən yarama, gəl basma duzu. Qaranlıq səmanın Zöhrə ulduzu, Bütün varlığımı o yardı getdi. * * * Aşıq Heydərlə Yetim Ləvəndin deyişməsi Aşıq Heydər: Nə ucadı, nə alçaqdı, Bu məqamlar kimdədi? Gözəl işlər, gözəl peşə, Böyük namlar kimdədi? Pul oduna ömür verən Nə qazanar dünyada? Haqq ataşı, üzün nuru, Dolu camlar kimdədi? Yetim Ləvənd: Mərd ucadı, namərd alçaq, Uca məqam mərddədi, Gözəl işlər, gözlə peşə, Böyük namlar mərddədi, Pul oduna yanan kəslər Faniliyi qazanar, Haqq ataşı, üzün nuru, Dolu camlar mərddədi. Aşıq Heydər: Varü-dövlət, qızıl-gümüş, Ləlü-göhhər nə şeydi? Nədi söylə kişi işi Bu dünyada nə yeydi? Qara saçı nə ağartdı, Əlif qəddi nə əydi? Ağır məclis, şirin söhbət, Qara damlar kimdədi? Yetim Ləvənd: Varü-dövlət, qızıl-gümüş Aqillərə nə şeydi, Kişi işi səxavətdi, Eylik eləmək yeydi, Qara saçı, əlif qəddi Qoca fələk tez əydi; Ağır məclis, şirin söşbət, Qara damlar mərddədi! Aşıq Heydər: Mərd dediyin necə kəsdi, İşi-gücü yoxdumu? El içində yeri-yurdu, Varı-yoxu çoxdumu? Mala-pula meyl eləmir Harda qurub taxtını? Aşıq Heydər sual eylər Şirin dəmlər kimdədi? Yetim Ləvənd: Mərd deyilən haqq elçisi, Yaxşı bilir işini! Əzəl başdan heç buraxmır Yaxşılığın peşini; El içində məclis qurar. Mərdə verər aşını; Yetim Ləvənd doğru söylər Şirin dəmlər mərddədi! * * * == Dastan == Gümrü qızı dastanı Birinci hissə Gümrü şəhərinin çiçəklənən dövrləri idi. Ədalətli Gümrü sərdarı ölkədə qayda-qanunu bərpa etmiş və özbaşınalığa son qoyulmuşdu. Daha yolları kəsib xərac almaq, oğurluq, soyğunçuluq, demək olar ki, yaddan çıxmışdı. Sərdarın ölkəsində ədalət hökm sürdüyündən qeyri millətlər də bu torpaqlara pənah gətirirdi. Burada hamı şən və firavan yaşayıb, həyatlarını davam etdirirdilər. Günlərin birində sərdar qəflətən dünyasını dəyişdi. Ölkə hələ yasdan çıxmamışdı, sərdarlıq məqamına çatmaq üstündə ağalar və bəylər arasında dava qızışmağa başladı. Bu vəziyyətdən istifadə edən müxənnət qonşular kəndləri, mahalları talan edib, viran qoyurdular. Hər yerdə qətllər törədilir, günahsız adamların qanı axıdılırdı. Bu bəs etməmiş kimi qaxtaganlar mahallara öz əskəri ordularını yerləşdirməyə başladılar. Elə bununla da mahallarda yadellilərə qarşı qiyamlar baş qaldırırdı. Amma əli yalın camaat yağıların ordularına heç nə edə bilmirdilər. Bu özbaşınalığa son qoymaq məqsədilə mərd və igid oğullar, qaçaq dəstələr şəklində dağlara çəkilərək yağılara qan uddurmağa başladılar. Köməyə Urmiyadan, Xoydan və Təbrizdən də gələnlər var idi. Təbrizli Yetim Kərim bu dəstələri birləşdirib bir qoşun eylədi. Ona kimi onun köməyinə Anadoludan Bəkir paşa gəldi. Onun alayı da Yetim Kərimin qoşunuynan birləşdi. Yazın əvvəlindən başlayaraq payızın son ayına kimi birləşmış türk süvariləri yağıları Ağbaba mahalına qədər qovaraq darmadağın etdi. Artıq qış başlamışdı, döyüşlər tam səngimişdi. Qanlı döyüşlərdən çıxan Yetm Kərim Bəkir paşa ilə möhkəm dost oldu. Qışın oğlan çağıydı, Bəkir paşa yetim Kərimi Qarsa öz evinə qonaq dəvət edti. Kərim isə on nəfər cəngavərlə birlikdə Bəkir paşanın qonağı oldu. Doğurdan da, atalar yaxşı deyib: “Yazıya pozu yoxdu”. Elə həmin gün Qarsda Mahmud ağa adlı bir tutarlı kişinin oğlunun toyuydu. Mahmud ağa eşidəndə ki, Bəkir paşanın hörmətli qonaqları gəlb, o saat Yetim Kərimi toya dəvət etdi. Bəkir paşa və Kərim bu toya gəldilər.Yetim Kərim toyda su pərisinə oxşayan Zeynəb adlı bir xanıma vuruludu. Bu işdən xəbər tutan Bəkir paşa çox sevindi. Kərim bir yetim uşaq olduğundan və kimsəsi olmadığından elçiliyə Bəkir paşanın özü getdi. Allah sizlərə də toy-düyün qismət eləsin, hər iki cavan öz səadətinə qovuşdu. Bəkir paşa Kərimə yeddi gün - yeddi gecə toy eləydi və düyün hədiyyəsi olaraq yağılardan təmizlənmiş Ağbaba mahalını Kərimə hədiyyə verdi. Dağlar və yaylalar məskəni olan Ağbabada yenidən gözəl həyat başladı. Artıq Ağbabada Kərimin Sərdar adlı bir övladı dünyaya gəlmişdi. Aradan heç iki il keçməmiş yağılar yenidən Ağbabaya hücuma keçdilər. Arpa çayı ətrafı Almərdan düzündə hər iki tərəfdən qırılanın sayı - hesabı olmadı. Bu döyüşlərdə Yeyim Kərim yaralana-raq dünyasını dəyişdi. Bəkir paşa qırx gün - qırx gecə yas saxladı və Kərimin yoldaşı Zeynəbi, iki yaşlı oğlu Sərdarı öz himayəsinə götürdü. Sən demə, bu tifillərin ağrılı-acılı günləri qabaqda imiş. Artıq qəm-kədər Zeynəbin yavaş-yavaş yaxasını tanımağa başladı. Günlərin birində Zeynəbin dayısı molla Dursun Bəkir paşanın yanına gəldi və bildirdi ki, dul qadının şəriətlə dul qalması günahdı. Kərimin heç kimi olmadığından gərək Zeynəb mənim bacım oğlu Söyünə ərə getsin, mən bu haqda Söyünlə danışmışam, o bu xeyir işə razılıq verib. Paşam, gəlməyimin məqsədi odur ki, sən də bu işə xeyr-dua verəsən, onu da yaxşı bilirəm ki, sən Kərimi doğma oğlundan da çox sevirdin. Mollanın sözləri sillə kimi Bəkir paşanın üzünə dəydi. Qəhərdən yaşarmış gözlərini dəsmalnan sildi. Bir təkrar özünü ələ alıb dedi: Molla Dursun, deyirsən ki, şəriyət ilə gərək dul qadın ərə getsin, bəs uşaq? Mən bu işə heç nə deyə bilmərəm. Əgər Zeynəbin özünün razılığı varsa, qoy sən deyən olsun. Molla Dursun dilləndi: Bəkir paşa, sən Söyünü yaxşı tanıyırsan axı, sənin qoç igidlərin-dən biri deyilmi, kim istəyərdi belə olsun, bu bir Allah işidir, Allah yağı düşmənlərin evini yıxsın, evimizi yıxdılar. Bəkir paşa dilləndi: Onda mənim sizdən bir təvəqqəm var, qoy Sərdarı mən böyüdüm. Ürəyi istədiyi vaxt da anasının yanına gedib gələ bilər. Mənim oğlum Osman Gümrünün yeni seçılmiş sərdarıdı, istəyim odur ki, Sərdarı oğlum Osmanın yanına göndərəm. Qoy, uşaqlıqdan dövlət işlərini öyrənsin. Elə ki, boyu çıxdı Gümrü şəhrinin gələcək paşası Sərdar olmalıdır. Artıq mənim ölümlü günlərim gəlib, bu vəsiyyətimi oğlum Osmana çatdırmışam. Bu danışıqlada Zeynəbin taleyi həll olundu. Zeynəb yeni ər evinə, Sərdar isə Gümrü şəhrinə göndərildi. Aradan heç on il keçməmişdi ki, Bəkir paşa rəhmətə getdi. Sərdar isə Gümrüdə Osmanın himayəsi altında böyüməyə başladı. Doğurdan da, atalar yaxşı deyib:- “Pis günün ömrü az olar” !!! Hələ uşaq yaşlarından Sərdar Osman paşa ilə birlikdə bir çox məclislərdə, döyüş meydanlarında olmuş, döyüş fəndlərini tam mükəmməl öyrənərək böyük, yaraşıqlı, ağıllı, bacarıqlı bir pəhləvana çevrilmişdi. Elə saz çalırdı ki, heç ustad aşıqlardan geri qalmırdı. Zili-zil, bəmi-bəm yerində idi. Aradan uzun illər keçmişdi. Sərdar Gümrü şəhrinin sərdarı idi, həm də çox rəhimli bir paşa idi. Varlı-yoxsul hamı onu sevirdi. Sərdar həmişə mahallara gedib, camaatın güzəranı ilə tanış olur, yoxsullara, əlsizlərə və yetimlərə kömək edərdi. Dağlar qoynunda olan Gümrü şəhri yavaş-yavaş gözəlləşməyə başladı. Müxənnət qonşuların dağıtdıqları binalar məscidlər və məhəllələr əvvəlki vəziyyətindən də yaxşı olmuşdu. Artıq Sərdar iyirmi beş yaşını haqlamışdı. Günlərin birində paşa öz dostları Niftalı ağa və Nağdəli bəylə ceyran ovuna çıxdılar. Sərdar ilk həmlədə ceyranın başını bədənindən üzdü və üzünü dostlara tutuaraq dilləndi: Dostlar, ovumuz yararlı oldu, gələn il, allah qoysa, yenə bu yerlərə gəlib ov ovluyacağıq, hərəmiz bir ceyran öldürsək, bu allahın heyvanının kökü kəsilər axı! Bu sözləri eşidən dostlar gülüşdülər. Nağdəli bəy üzünü Sərdara tutaraq dilləndi: Paşam, bəlkə mənim qonağım olasınız. Bu gün evimdə xeyir iş var, oğlum müsəlman olacaq. Gümrünün adlı- sanlı aşıqlarını da dəvət etmişəm. Sərdar dilləndi: Əzizim, mən məmuniyyətlə o məclisdə iştirak etməyə hazıram, çünki harada aşıq məclisi varsa, gərək ora bir baş çəkəm, neçə ildi başım şəhərin işlərinə elə qarışıb ki, ozan məclisləri də az qala yadımdan çıxıb. Ancaq Nağdəli bəy, səndən bir ricam var. Bir fayton göndər, gedib Qarsdan anam Zeynəbi də gətirsin. Onun üçün də çox darıxmışam. Paşanın bir sözü iki ola bilməzdi. Elə belə də oldu. Məclis qara zurnada, cəngi havası ilə başlandı. Meydandan pəhləvanlar çıxmaq bilmirdi. Sonra məclis saza və sözə verildi. Zeynəb Söyün ağadan olan yeganə doğma qızı Fatma xanımla hərəsi Sərdar paşanın bir tərəfində əyləşdilər. Buralarda belə bir adət variydı ki, kişilər məclisinə qadınlar gəlmirdi. Ancaq Zeynəb xanımın təkidi ilə nişanlı qiz- gəlinlər məclisə daxil oldular. Sünnət mərasimi başlandı. Dəllək Qəfər müqəddəs “Qurani Kitabı” oxuyub qurtardıqdan sonra öz işini başa çatdırdı. Sərdar paşa yerindən durub dəllək Qəfərə xələt verdi və beləliklə də məclis qızışmağa başladı. Meydan artıq cavanların idi. Paşa dərin xəyallara qərq olmuşdu, elə bil, şirin yuxu görürdü. Birdən qarşısında dayanan gənc bir qızın səsinə diksindi. Qız utana-utana dilləndi: Paşam, görürəm yuxulayırsınız, bir fincan qəhfə için, yuxunuz dağılsın. Sərdar başını qaldırıb qıza baxanda, elə bil Sərdarın başına göydən ildırım çaxdı. Sərdar iyirmi yaşında olanda bu qızı ilk dəfə yuxuda ona Xızır Peyğınbər göstərmişdi. Qız o qədər gözəl idi ki, yemə- içmə, dur bu qıza tamaşa eylə. Sərdar bir könüldən min könülə qıza aşiq oldu. Həmişə məclislərdən tez durub gedən paşa yerinə mıxlanmışdı. Gözünü də qızdan çəkmək bilmirdi ki, bilmirdi. İşi belə görən Zeynəb xanım dilləndi: Bala, hamının gözü səndədi. Sən kimə baxırsan? Olmuya bu qıza aşiq olmusan? Bu qız, sənin dostun Nağdəli bəyin bacısı, Sona xanımdi. Sərdar paşa dedi: Ana, doğrudan da, bu qız elə bil bir su sonadı. Bu zaman məclisi idarə edən Yetim Tapdıq sazı sinəsinə basıb, aldı ustadlardan görək nə dedi: Necə söz deyəsən qəm ərbabına, O da sənin kimi zəri görüfdü. Dindirəndə haldan olar xəbərdar, Cəbrə düşüb hər əfkarı görübdü. Dost dostuna etsə iqrar imanı, Qiyamətə gedər müddət zamanı. Könül uman yerdən kəsməz gümanı, Çün əzəldən etibarı görübdü. Şenliyin zehnini verməyin zaya, And verirəm, o yaradan Xudaya. Bel bağlama dövrü keçən gədaya, Neçə əyyam ruzigarı görübdü. Ustadlar ustadnaməni bir deməyib, iki deyib, biz də deyək iki olsun, düşmən qabıq qoysun, soyulsun. Bivafənin, müxənnəsin, nakəsin Doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada cox çəkdim bəhsin, Namusun, qeyrətin, arın görmədim. Yetəni özümə mən dost eylədim, Yolunda canıma cox qəst eylədim. Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim. Nəfs aldatdı, hər yetənə xan dedim, Bihudə kollara gülüstan dedim. Əbəs yerə bivəfaya can dedim, Zəhmətin cox çəkdim, karın görmədim. Huşum çaşdı, düşdüm olmaz oyuna, Yetmədim gözəlin əsli-soyuna, Aşıq oldum simasına, boyuna, Hayıf kı, kamalda dərin görmədim. Ələsgər, elmində olma nabələnd, Doğru söylə, sözün çıxmasın qələt. Şahiddə iman yox, bəydə ədalət, Qazıların düz bazarın görmədim. Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, düşmən ömrü puç olsun. Pələng qocalanda, nər büdrəyəndə Kəhər at yollarda öləndə, hayıf. Bir mərdin qılıncı düşəndə əldən, Namərd gendən baxıb, güləndə hayıf. Heç kəs ayrılmasın öz balasından, Didərgin düşməsin yurd-yuvasından. Maralı hürküdüb öz talasından, Buraya çaqqallar gələndə hayıf. Birsi yarayar elin işinə, Dözər zamanənin hər gərdişinə. Birisi tikəni çəkər dişinə, Zəhmətsiz yarıya böləndə hayıf. Biri toya gedər, sevinib gülməz, Birsi vaylarda ağlaya bilməz. Namərd öz qəlbindən heç kini silinməz! Özünü dost kimi biləndə hayıf. Birsi yalanı deyər ucadan, Çəkinməz heç zaman cavan-qocadan. Birisi dost evinə baxar bacadan, Açıb bu qapını girəndə hayıf. Atılıb tullanan körpə beçələr, Vədəsiz banlayar bəzən gecələr. Çəpərdən-çəpərə qonan sərçələr, Bülbülü qəfəsdə görəndə hayıf. Yetim Tapdıq ustadnaməni sona çatdirib, sazı Sərdara uzadaraq dilləndi: -Paşam, bəlkə bir-iki kəlmə söz də siz deyəsiniz? Hə əzizlərim, Sərdar sazı öpüb, döşünə basdı və aldı görək nə dedi: Ağlımı apardı bir mələkzadə, Bülbüləm gülümü tapdım bu gecə! Məhəbbət nə imiş, sevgi nə imiş, Qəlbimdə bir ocaq yapdım bu gecə! Can alan gözləri od saldı cana, Həzrəti Yusif tək düşdüm zindana. Gözəllər gözəli, ay gözəl ana, Az qala yolumdan sapdım bu gecə! Sərdaram, paşalıq yadımnan çıxdı, Göz yaşım selləndi yaxama axdı. Mehrü - məhəbbətim, baxdı karıxdı, Xəyal atlarını çapdım bu gecə! Sərdar sazı öpüb aşıq Vəliyə uzatdı. Ustad, ustad məclisində söz demək mənə yaraşmaz, bizim sizə çox ehtiyacımız var, məclis sizindi. Artıq gecədən xeyli keçmişdi. Sərdar Nağdəlini yanına çağırtdırıb dedi: Bəy, bu gecə anam, bacım və mən sizin qonaqlarınızıq. Əgər icazə versən, qoy mənə bir yer hazırlasınlar, möhkəm yorulmuşam, evə getməyə halım qalmayıb, bir az yatıb dincimi alım. Nağdəli bəy üzünü doğmalarına tutaraq dilləndi: Qızlar, tez paşaya bir yer hazırlayın. Sərdar asta yerişlərlə xalılar döşənmş böyük bir otağa daxil oldu. Burada təkrar Sona xanımla qarşılaşdı. Sona xanım gülə-gülə dilləndi: Paşam, sizə xoş gecələr arzulayıram, yuxunuz şirin olsun, deyib, zalı tərk etdi. Sərdar güclə özünü ələ aldı, bilmədi qıza nə cavab versin. Sərdar dərhal yerinə uzandı, amma ilan vuran yatdısa, Sərdar yatmadı. Yerində o tərəf bu tərəfinə dönərək, Sona xanımı gözlərinin qabağında gətirdi. Baxçada Sona ilə Fatmanin səsini eşidən Sərdar eyvana çıxdı. Sona incə bir səslə Fatma xanıma dedi: -Sənin nə qəşəng, yaraşıqlı və ağıllı qardaşın var? Deyirdilər inammırdım, həqiqətən də həsəd aparılası cavandı. Fatma: Ay qız, olmuya qardaşıma vurulmusan? Vallah, toyunuzda o qədər oynayacam, düz bir həftə gərək yerimdən qalxa bilməyəm. Sona xanım nə isə demək istəyirdi, birdən onların gözlərinə eyvandan heyran - heyran baxan Sərdar sataşdı. Sona xanım üzünü Sərdara tutaraq dilləndi: Paşam, mən elə bilirdim ki, siz artıq yatmısınız, olmaya sizi narahat elədik, siz allah bizi bağışlayın. Sərdar dinmədi. Sona xanım üzünü Fatma xanıma tutaraq dilləndi:- Qardaşın bizə gələnnən dili tutulub. Sona xanım: – Ay qız, bəlkə qardaşının dilini açım. Fatma xanım: – Pis olmaz. Bu dəmdə Sona xanım aldı görək nə dedi: Aşkar deyil, mənim dərdim pünhandı, Var olsun, yaşasın, eli paşamın. Görüb gözəlliyi, almır hesaba, Yaş gedib bükülüb beli paşamın. Bir tuti dillinin dağıyam, dağı, Olmazmı mənimlə gəzəsən bağı. Gedib cavanlığın, qalmayıb çağı. Görürəm titrəyir, əli paşamın. Aləm bilir sən Gümrünün gözüsən, Niyə qoydun sinəm üstə közü sən. Baxan deyər düz Məcnunun özüsən, Açılıb çiçəyi - gülü paşamın. Sona xanım yar yanında sayılsın, Arif olan bu sevdadan ayılsın. İxtilat et, şirin cana yayılsın, Titrəsin ağzında dili paşamın. Söz tamama yetdi. Qızlar baxçadan getmək istəyəndə Sərdar dözə bilməyərək dilləndi: Sona xanım, insaf eylə bir ayaq saxla, gör mən nə deyirəm. Aldı görək bu dəmdə Sərdar nə dedi: Küsmə məndən gözəl mələk, Buyurub allah, seçmişəm. Ölçüb, biçib sığal çəkib, Yer üzündə şah seçmişəm. Gözəlsən, güldən - laladan, Tanrı saxlasın baladan Səni o ərşi - əladan, Qəlbimə pənah secmişəm. Sərdarı sən eşit dayan, Gəl könlümə olnan həyan. Sınıq qəlbi yardı duyan, Səni qəlbə mah seçmişəm. Söz tamama yetən kimi Sona xanım güldü. Elə bu paşam?! Yenə sözün var yoxsa... Sona belə deyəndə Sərdar bir daha özünü saxlaya bilməyib, aldı görək nə dedi: Gözəllər sultanı, mələklər şahı, Telləri xurmayı, qamət sürahı, Cəmalın cəzb edir şəms ilə mahı, On beş günlük aydan gözəlsən, Sona! Gözlərin dumanlı, bənzər ümmana, Səni sevən aşiq olub divana, Yaradan yaradıb salıb cahana, Sən huri qılmandan gözəlsən, Sona! Yaralı könlümə yaraşmaz ziynət, Sanki bir mələksən ey sərvi – qamət! Səni sevən aşiq istəməz cənnət, Cənnəti - Rizvandan gözəlsən, Sona! Qəm üstə yatmağı etmişəm peşə, Mövlam nişan verdi, gəldim görüşə. Pərişan bülbüləm, sən tər bənövşə, Sərvi - Xuramandan gözəlsən, Sona! Gül açan çəmənə bənzər üzlərin, Şahın taxt-tacına dəyər gözlərin. Sərdara dadlıdır şirin sözlərin, Gözəl Züleyxadan gözəlsən, Sona! Söz tamama yetdi. Qızlar gülüşə - gülüşə bağçanı tərk etdilər. Amma Sərdar səhərə kimi yata bilmədi ki, bilmədi. Eşq ataşı, doğurdan da, onu Məcnun etmişdi. İkinci hissə Səhərin ala qaranlıqda baxçaya düşən Sərdar o baş - bu başa var gəl etməyə başladı. Bu dəmdə Nağdəli bəy gördü ki, Sərdar baxçada o başa bu başa gedir - gəlir. Bəy sözə başlamadımı. Paşam, olmaya ala qaranlıqda durub getmək istəyirsən, yoxsa yerin narahat oldu? Sərdar: Siz narahat olmayın bəy, bu baxça mənim o qədər xoşuma gəlib ki, elə bil cənnətə düşmüşəm, heç yerdə belə gözəllik görməmişəm, olmaya, bəy, sizi narahat elədim, bir fincan da qəhvə olsa, buradan tərpənən deyiləm. Nağdəli: Bu nə sözdü, paşam, bura sənin öz evindi, necə istətəyirsənsə elə də olsun, elə bildim getmək fikrindəsən, az qaldim sizdən inciyəm. -Əziz dostum, sən get qonaqlarını rahatla, amma qızlara denən ki, mənə bir fincan qəhvə gətirsinlər, mən hələ bu gün də sizə qonağam. Nağdəli: Baş üstə, deyib baxçadan aralandı. Amma Nağdəlini fikir aparmışdı, bu işə sirillah qalmışdı. Öz-özünə deyinə - deyinə danışırdı, axı Sərdar hara gedirsə-getsin, orada yalnız bir-iki saat qala bilərdi. Burada nə isə bir iş var. Əyə bir də nə ola bilər ki, qardaşdan da irəli dostuq, anası və bacısı da bizdədi, daha bundan yaxşı nə ola bilər? Qulluqçular Sərdara səhər yeməyi aparmaq istəyəndə, Sona xanım dilləndi: - Siz narahat olmayın gedin, məclisi yola verin, mən öz əllərimlə paşaya qəhvə düzətmişəm, özüm aparacam. Sona xanım səhər o başdan qəhvə ilə baxçaya daxil oldu. Sərdar yerindən ildirım kimi duraraq Sona xanıma tərəf gəldi. Sərdar: Mənim üçün çox xoşdur ki, mələklər şahının əli ilə bir fincan qəhvə içim. Xanim, vaxtınız varsa mənimlə bir fincan qəhvə içsəniz lap yerinə düşər. Hər iki aşiq baxçada süsən- sünbüllər içərisində əyləşdilər. Amma bir - birlərinin üzünə baxa bilmirdilər. Bir xeyli sakitlikdən sonra Sərdar dilləndi: -Sona xanım, sizi görəndən sonra bu gecə yuxum ərşə çəkildi, hey gözlərimi yumdum, sizin surətiniz gözlərimin önündən getmədi. Mən deyən artıq özümü idarə edə bilmirəm. Birdən Sərdarın gözləri Sonanin boynundakı altun həmayilə sataşdı. Sərdar: Bu həmayıl sizi olduğunuzdan da gözəl göstərir. Sona xanım: Bu anamin yadigarıdı, qaşı isə müqəddəs “Qurani – Kərimdən” düzəldilib. Sərdar: İcazə versəniz ona yaxşı baxam, bu həmayılı ilk dəfə mənə yuxuda göstərmişdilər. Sərdar həmayıldakı müqəddəs “Quranı - Kərimi” üç dəfə öpdü, istədi ki geri qaytarsın, Sona xanım dilləndi: İcazə verin, mənim özüm götürüm, deyib ayaq üstə qalxaraq şümşəd əlləri ilə həmayili Sərdarın boynuna keçirdi: Qoy bu müqəddəs kitab bizə uğurlar gətisin. Sona xanım: Mənim on səkkiz yaşım olanda bir qoca dərviş mənə dedi ki, biz bir cavan oğlanı səninlə buta eləyirik, sən də bu həmayili o oğlana verməlisən. Dərviş bir də mənə dedi ki, siz öz həyatınızı özünüz secməlisiniz. Çalışın bu seçimdə yanılmayın. Dərviş mənə səni qoca kişi şəklində göstərdi. Mən isə ağlaya -ağlaya dedim, bəs onun cavanlığı necədi? Həmin dərviş mənə dedi ki, onun özü səni tapacaq, mən yenə ona allaha and verdim ki, bəs bizim ilk görüşümüz necə olacaq? Dərviş mənə dedi ki, sizin bağçada o gəlməmişdən üç gün əvvəl lalələr çiçəkləyəcək, bu ilk əlamətdi, həmin cavan məclisdə sözünü sazla deyəcək, səhərə kimi nə sən, nə dəki o yatmayacaqsınız. Səhər gün çıxmamış siz bağçada görüşəciniz. Ona bir fincan qəhfə aparmalısan. O isə bağçadakı lalələrdan bir dəstə toplayıb sənin qollarının arasına qoyacaq. Bu yerdə sən həmayılı həmin gənc oğlana verməlisən. Əgər dalını bilmək istəsən görəcəksən ki, o qəhvəni içib qurtaran kimi bağçadakı bütün lalələr sönəcək. Məni vahimə basmışdı. O yerdə oyandım ki, yanımda anamdan başqa bir kimsə yoxdu. Anam isə mənə deyidi: Ay qızım, iki gündü ki, sən yatırsan, qız uşağı belə tənbəl olmaz axı!? Mən bu əhvalatın hamısını anama danışdım. Anam isə Allah bu işin axırını xeyr eləsin deyib, həmin bu həmayılı mənə verdi. Onda mənim on səkkiz yaşım ancaq olardı. Sonra isə Sona xanım titrəyə-titrəyə bir fincan qəhvəni Sərdara verdi. Sərdar isə bağçadakı lalələrdən bir dəstə dərib Sona xanımın qolları arasına qoydu. Sərdar bir fincan qəhvəni başına çəkən kimi gördü ki, həqiqətən də bağçadakı al qırmızı lalələrdan əsar- əlamət qalmayıb, hamısı sönüb. Bunu görən Sərdar və Sona xanım çox bikef oldular. Bu yerdə Sərdar paşa özünü saxlaya bilməyib aldı görək nə dedi: Gözəllər məskəni Gümrü şəhrində, Gözəllər şahına mayıl olmuşam. O büllur qaməti, o gül camalı, Aparıb əqlimi sayıl olmuşam. Ömrün bahar çağı gəldik üz-üzə, Kimdi bu ceyrani buraxan düzə? Qaşları kamandı, kirpiklər nizə, Oxlayıb könlümü, zayıl olmuşam. Qırxların əlindən badə içmişəm, Əzəl başdan bir gözəli seçmişəm. Məqribdən məşriqə bir yol keçmişəm, Haqq verən paylara qayıl olmuşam. Söz tamama yetdi. Sərdar paşa Sona xanıma dedi: Sona xanım, bu işi belə qoymaq olmaz. Amma ... indi biz ayrılmalıyıq. Sona xanım ayrılmaq istəməsə də, deyilənə əməl etdi. Sona xanım bağçadan gedəndən sonra Sərdar orada Nağdəli bəylə qarşılaşdı. Nağdəli: Ayə qardaş, sənə nə olub, niyə titrəyirsən? Axı mən sənə dedim, səhərlər Gümrünün havası soyuq olur. Düz iki saatdır ki, sən burada oturmusan, deyən sənə soyuq dəyib, tir-tir əsirsən. Sərdar boğula-boğula dilləndi: Məni elə soyuq tutub ki, qançıradan da betər olmuşam. Sonra üzünü Nağdəliyə tutaraq dilləndi: Bəy, sözlərimə yaxşı-yaxşı qulaq as, qonaqların gəlibmı? Nağdəli: – Aşıqlar səni gözləyirlər. Sərdar: – Onda gedək məclisə baş çəkək. Amma cox otura bilməyəcəm. Soyuq məni haldan salıb, sonra üz vurmayasan ha. Bir xahişim də var, məclis qurtaran kimi anamı hökmən göndər gəlsin bizə. Sərdar paşa və Nağdəli bəy məclisə daxıl oldular. Sərdar keçib anasının yanında oturdu. Cavan qızlar, gəlinlər meydandan çıxmaq bilmirdilər. Sərdar üzünü Yetim Taptığa tutaraq dilləndi: Ustad, icazə versəniz, sinəmə bir - iki kəlmə söz gəlib, deyim, sonra gedəcəm, çünki Qarsdan Osman paşa və istəkli qonaqlar gəlib, məni gözləyirlər. Tez aşıq Vəli sazı Sərdara uzatdı. Aldı görək Sərdar bu dəmdə nə dedi: Bu gün bu məclisə bir can gəlibdi, Buyursun meydana, nənəm oynasın. Al yaşıl geyinib çıxsın ortaya, Gözəllər sultanı anam oynasın. Başına döndüyüm gül üzlü Pərim, Əlim qələmimdi, sinəm dəftərim. Buyursun meydana sərvi sərvərim, Telləri xurmayi durnam oynasın. Biçarə Sərdarı salmısan dərdə, İndi çox gülürsən burdakı mərdə; Dolaşmaya simlər, vurmaya pərdə, Adını deyirəm Sonam oynasın. Xanımlar xanımı Zeynəb xanım ayağa durdu, süzə - süzə öz qızı Fatmanı və Sona xanımı meydana dəvət etdi. Məclıs qızışdı, nə qızışdı. Bu fürsətdən istifadə edən paşa məclisi tərk etdi. Sərdar paşa necə dedisə, Nağdəli bəy də elə etdi. Artıq gün batırdı. Nağdəlinin bəzəkli at faytonunda, Zeynəb qızı Fatma xanımla bərabər Sərdarın evinə gəldilər. Artıq Osman paşa da burada idi. Osman paşada artıq yaş öz işini görmüşdü, güclə ayaq üstə dururdu. Qulluqcular Osmanın başına fırfıra kimi fırlanırdılar. Sərdarın rəngi ağappaq idi. O başına gələn bu işləri Osmana və anasına danışdı. Sərdar: Osman, mənim ata əvəzim, sən də mənim anam, dərdimə bir çarə qılın. Osman: Ay bala, bizim yeganə carəmiz səni evləndirməkdi, bir də ki beş - on günlük dünyadı, kim bilir, kiminin axrı necə olacaq? İki dünya bir olsa da, mən səni evləndirməliyəm. Çünki atam Bəkirin axırıncı vəsiyyətinin vədəsi gəlib çıxıb. Bundan sonra rahat ölə bilərəm. Sonra Osman paşa üzünü mehtərlərə tutub möhkəm-möhkəm qışqırdı: Ayə, ay mehtərlər, ayə, ay zalım uşağı, ayə, harada qalmısınız, ay Boğos, ay Setrək, səhər o başdan atları çölə buraxmayın. O qıllı Minasa da deyin ki, təcili Qarsa getsin, bütün qohum-əqraba, dost-tanış, kimi tapsa, desin ki, təcili Gümrüyə gəlsinlər. Bir-iki günə kimi Sərdarın toyudur. Osman paşa əlini cibinə saldı. Bir bağlama pul çıxarıb mehtərlərə verdi, bu da mənim sizlərə toy məqəricim. Əyə, zalım uşağı, zalım, sizin nə vaxt əyin-başınız düzələcək, gedin özünüzə pal - paltar alın. Cəld, haydi, gözümə bir də bu qiyafədə görünməyin. Sonra üzünü Sərdara tutaraq dilləndi: Ay bala, axı mən sənə demişdim, bunları buralarda çörək verib saxlama. Bunlardan adama xeyir gəlməz. İlanın ağına da nəhlət, qarasın da. Elə bu dəmdə Zeynəb Osmanın sözünü kəsərək dilləndi! Osman qardaş, məni bağışla, sözünü kəsdim, bəlkə uşaqları çağırtdırmayasan. Bu iş məni heç açmır. Sən yaxşı bilirsən ki, mənim başıma nələr gəlib. Olmazmı bir az ölçə, biçəsən? Lalələrin solması məni heç açmır axı!? Osman sözə başladı: Ay bacı, bu yazıdır, bir sevin. And olsun, o Allahın birdi-birliyinə, əgər Sərdarın başından bir tük əksik olsa, düzü - dünyanı yıxıb dağıdaram. Sərdarın ürəyinin yumşaqlığından şəhər müxənnətlərlə doludu, hamısı da adamı arxadan vuranlardı. Eşıdıblər ki, mən gəlmişəm siçan deşiyini satın alıblar. Ay bala, bir az sərtlik də lazımdır. Yeri gələndə şallaq da işə düşməlidir. Daha Zeynəb Osmanın bir sözünü iki eləmədi. Deməzsənmi, oğlan evində toydu, ancaq qız evinin xəbəri yoxdu. Səhər Nağdəli bəy öz xanımı Güllüzara dedi: Arvad, hazırlaş, gedək Sərdargilə. Zalım oğlu səhərin ala qaranlığında baxçada oturmuşdu, gördüm ki, tir-tir əsir, möhkəm soyuq tutub. Gedək bir paşaya baş çəkək. Güllüzar dinmədi: Ay arvad, nə olub sənə! Güllüzar isteza ilə dilləndi: -Heç, öz bacından xəbərin yoxdu. Təbiblər əldən-dildən düşüblər, bir bacına baş çəksən! Nağdəli başı alovlu bacısının yanına qalxdı. Üzünü təbiblərə tutaraq: -Ayə, bu qıza birdən-birə nə oldu? Qocaman Gümrü təbibi Nuru yazıq-yazıq dilləndi: -Bəy, qız çox halsızdır, amma qorxulu bir şeyi yoxdur. Qoyun bir az dincəlsin. Nağdəli təbibə pul verib, yola saldı. Sonra üzünü Güllüzara tutaraq dilləndi: -Ay arvad, bu nə işdi, başımıza gəldi, yaxınlarımın hamısı yatağa düşüblər. Birdən Nağdəlinin gözü Sonanın sinəsinə sataşdı. Həmailin yeri Sonanın sinəsində günəşin işığından iz salmışdı. Güllüzar yenə istehza ilə dilləndi: -Nə baxırsan, həmin altun həmayılı dostunun boynunda görmədinmi? Elə bil Nağdəlinin başına qaynar su tökdülər: Sözündən belə çıxır ki,... yox – yox, bu ola bilməz, axı onun belə şeylərə ehtiyacı yoxdu. Güllüzar, sən məni lap dəli eliyəcən, ya da ki, mən dəli olmuşam. Bu dəmdə Sona gözlərini açıb dilləndi: -Qardaş, həmin həmayili mən paşaya səhər o başdan bağçada vermişəm. Nağdəli pərt halda dilləndi: Ay arvad, indi mən başa düşdüm ki, bunların xəstəliyi nədi?! Güllüzar: Bu hələ harasıdı, bağca lalələrlə doludu, bax bu lalələrdən başqa baxçadakı lalələrın hamısı sönüb. Nağdəli iki əllə başını tutdu. Ay arvad, həqiqətənmi sən məni dəli yerinə qoymusan, lalə nədi, zad nədi, axı bağçada belə güllərin bitdiyini görməmişəm. Güllüzar: Get, bax. Nağdəli baxçaya düşəndə gördü ki, həqiqətən də hər şey Güllüzarın dediyi kimidi. Bu dəmdə çöldən at səsləri eşidildi. Nağdəli çölə çıxdı. Elə bil onun həyətinə böyük bir ordu gəlmişdi. Həyət baca yaraqlı - yasaqlı əsgərlərlə doluydu. Bu dəmdə Osman paşa gər səslə dilləndi: Ay ev yiyəsi, ay ev yiyəsi, qonaq qəbul etmək istəmirsinizmi? Nağdəli Osman paşanı yaxşı tanıyırdı, çünki Osman bu böyük mahalın paşası idi. Nağdəli sakit tərzdə: Babam, xoş gəlmisiniz, gözümüz üstə yeriniz var! Paşa faytondan düşüb ağır yerişlərlə içəri daxıl oldu: Ay oğul, mənim gəlnimi mənə göstərin, ölmədim bu günü də gördüm, dedi. Nağdəli: Baba, nə gəlin, sən nə danışırsan, Allahım, deyən mən dəli olmuşam. Osman üzünü bu dəfə Güllüzara tutdu: Qızım, məni gəlinim Sonanın yanına apar. Paşanın bir sözü iki ola bilməzdi, kişi həm də sözü təkrar etməyi xoşlamırdı. Güllüzar sakitcə: Gəl, baba, deyib, Sonanın yataq otağına qalxdılar. Sona həmin Sona deyildi. Osmanı görən kimi kişinin əlindən öpdü. Osman: Ay maşallah, bir su pərisini görürəm, deyib, Sona xanımın alnından öpdü. -Qızım, coxdandı buralarda olmurdum, şəhəri gəzməyə çıxmışdım, yolüstü dedim, sizə bir baş çəkim. Əlindəki iri bağlamani Sona xanıma verərək dilləndi: Bu da məndən sənə düyün hədiyyəsi. İş bununla bitmir ha, Nağdəli bəy, hazırlaş bir- iki günə kimi sizdə olacağam, nə çətinliyin varca de, çəkinmə, deyib yavaş- yavaş həyətə düşməyə başladı. Nağdəli: Baba, niyə belə tez axı? -Darıxma, oğul, darıxma, o qədər gəlib gedəcəyəm ki, axırda özünüz əlimdən bezəcəksiniz deyib, Bəkir paşa faytona mindi. Sona xanım bağlamanı açanda bağlamada bir cüt qızıl bilərzik və bir ədəd üst hissəsi qızıldan hazırlanmış “Müqəddəs Quranı Kərim” kitabını gördü. Kitabın üst hissəsində bu sözlər həkk olunmuşu: “Qiyamətə qədər qoruyun”. Bilərziklərin hər birinə isə bu sözlər həkk olunmuşdu: Hamza , Hasan. Artıq Sona xanıma tam məlum oldu ki, bu qoca dərvişin dediyi hədiyyələrdi. Bilərziklər oğlanlarına, Müqəddəs kitab isə qızına çatmalıdı. Ancaq bu sirri Sona xanım heç kimə açmadı. Hər iki ailədə toya hazırlıq işləri başlandı. Üçüncü hissə Hər iki ailədə toya hazırlıq işləri başlandı. Osman paşanın xüsusi fərmanı ilə Gümrü şəhri başdan - ayağa bayram libasında bəzədildi. Toy yeddi gün davam etməli idi. Toya kim istəsə gələ bilərdi. Belə də oldu. Sevgililər bir- birinə qovuşdu. Hər kəsin evində allah tala belə xeyir- işlər qismət eləsin. Bir müddətdən sonra Zeynəb xanım, sonra isə Osman paşa dünyalarını dəyişdilər. Mərd cəsur paşalar- paşası dünyadan köçdü. Gümrü şəhri qırx gün bu kişinin yasını saxladı. Bu ağır günlərdə Sərdarın imarəti başdan - ayağa qara bəzədilmişdi. Osmanın ölmü yavaş- yavaş müxənnətlərə ayaq açmağa imkan verdi. Bir tərəfdən də dağlarda qaçaq dəstələri peyda olmağa başladı. Sərdar paşanın əmri ilə bütün qaçaq dəstələri darmadağın edildi. Bircə “Qanlı Alı” deyilən qaçağı tutmaq mümkün olmadı. Qanlı Alinını ölü və diri gətirən hər bir şəxsə böyük miqdarda pul vəd olunurdu. Amma Qanlı Alı yenə öz işini görürdü. Yolları kəsib tacirləri talayırdı. Tacırlərin əksəriyyəti Rumlu tacirlər idi. On il Sərdar paşa ilə Sona xanım xoş, firəvan həyat keçirdilər. Amma onların uşaqları olmurdu. Sona xanım isə onların iki oğlu və bir qızının olacağını bu vaxta kimi Sərdara deməmişdi. Bir gün Sərdar səhər namazını qılan vaxt Sona xanım gördü ki, Sərdar namazı qılıb qurtardıqdan sonra Allaha yalvarır: -Allahım, nə günahlarım varsa, məni bağışla, öz dərgahına günahsız apar, ancaq bu qulunu axirət evinə sonsuz aparma. Bu vəziyyəti görən Sona xanım boş beşiyin başında ağlaya- ağlaya aldı gürək nə dedi: Yatmışdım, yuxumda mən səni gördüm, Sən bülbülsən, bu da güldü, dedilər. Gəlmişdi üstümə buta verənlər, Qızım , bəxtin üzə güldü, dedilər. Cəfan, əziyyətin çoxdu qabaxda, Sən yolunnan getnən, demə ya baxta. Qismət Allahdandı, cörək tabaxda, Dərdin gözdən axan seldi, dedilər. Vermə bir kimsəyə, pünhanı, sirri, Yoxla ziyarəti, yada sal Piri. Hamzaya, Hasana hazırla yeri, Sona, sənin vədən gəldi, dedilər. Söz tamama yetdi. Sərdar inciməsin deyə, heç hə olmamış kimi Sona xanım dilləndi: Kişi, səbirli ol, verən də o kişidi, alan da o kişidi, əlbət bu yaxınlarda bizim də qapıda bir toy - bayram olar. Bu sözləri eşidən Sərdar paşa dərindən bir ah çəkib heç nə demədi. Sona xanım aldı dübarə görək nə dedi: Tanrı qismət verib bir az döz, dayan, Udduğun kədərdi, qəhərdi, Sərdar. Fikir ver sözünə, ixtilatına, Hər sözün sədəfdi, gövhərdi, Sərdar. Atəşin artdıqca, çıxmasın külün Inşallah, açılar o qızıl gülün. Əlbət çarəsi var hər bir müşkülün, Ağzın acı dadır, zəhərdi, Sərdar. Əzəldən qoşadır, ağ ilə qara, Nə olar, Sonanı salma odlara. Hicran sinən üstə vurmasın yara, Gecə adlayıbdı, səhərdi Sərdar. Söz tamama yetən kimi, Sərdar başladı, nə başladı. Nə dedi, nə söylədi, biz deyək siz qulaq asın: Mən haqqın quluyam, üstümdə ağam, Tanrı istəyimi bir gün çin eylər. Qaranlıq qəlbimdən tamam çəkilər, Ürək işıq saçar, toy - düyün eylər. Mən ata olaram, sən də ki, ana, Can sözü işləyər ilikdən - qana. Gəl məni incitmə, ay gözəl Sona, Qara gəlsə silər, mənə gün eylər. Sərdarın əlindən yapışan sənsən, Şirin ixtilatla danışan sənsən. Mənim dərd - sərimə alışan sənsən, Tanrı xoş günləri birə min eylər. Söz tamama yetən kimi Sona xanım yüyürüb Sərdarı bərk - bərk qucaqladı. Bu əhvalatdan xeyli sonra Sona xanım hamilə oldu. Onların iki əkiz oğlan uşağı dünyaya gəldi. Sona xanım oğlanlarının adını Hamza və Hasan qoydu. Uşaqlar üç yaşına çatanda Sərdar paşa onları şəriətlə müsəlman elətdirdi. Amma Gümrünün şən - firavan həyatı yavaş – yavaş acılı günlərlə əvəz olunmağa başlayırdı. Bir yandan qanlı Alının qaçaq dəstələri karvan yollarını bağlayıb tacirləri soyur, bir yandan da yadellilər yavaş – yavaş mahalları talayıb çapırdılar. Sərdar ağanın elə bil bu mahalları idarə eləmək taqəti qalmamışdı. Övladlarının dünyaya gəlməsi ilə dövlət işləri ön plana keçmişdi. Hərdən arvadına deyirdi: Osmanın oğlu Səlim ağa baş vəzirimdi, hər şeyi ona həvalə etmək fikrim var. Axı mən bir yetim uşaq olmuşam. Məni bu şad günə çatdıran Səlimin babası Bəkir paşaya ölüncə borcluyam. Səlim ağa ilə danışmışam, öz ata yurdum Ağbabada ömrümün qalan günlərini başa vurmaq istəyirəm, amma buna Səlim ağa qətiyyən razı deyil. Sona xanım, bu fikir mənim başımdan çıxmır ki, çıxmır. Vəziyyət detdikcə çətinləşirdi. Günlərin birində gecə yarısı qan - tər içində yuxudan oyanan Sərdar paşa arvadını yuxudan oyatdı: Sona xanım, dur ayağa, mənə bir məsləhət ver. Üç gündü ki, məni gecələr qoymurlar yatam, dilimi çəkib ağzımdan çıxarırlar. A kişi, danış görək nə olub axı? Ay arvad, mənə üç gündü yatdığım yerdə deyirlər ki, göydən sizlər üçün bəla gəlir, ya indi qəbul edin, ya da kı, sonra, mənim isə dilim - ağzım quruyur, heç nə deyə bilmirəm. Sona xanım ağıllı və uzaqgörən bir qadın idi. O,gülə -gülə dilləndi: A kişi, bəyəm başa düşmürsən ki, bu bir Allahın işidi, verən də, alan da onun özüdür. Göydən zəhrimar da gəlsə biz bunu şərbət bilib qəbul etməliyik. Amma bu bəlanı gərək indi qəbul edək, qocalsaq qorxuram, dözə bilməyək. Kişi əvvəlimiz yaxşı olunca, axırımız yaxşı olsun. Bu sözləri eşidən Sərdar paşa elə bil qəm dəryasına batdı. Yaxşı, arvad, qoy sən deyən olsun. Səhər namazını Gümrüdəki göy məsciddə keçirib, günorta vaxtı şəhəri tərk etməliyik. Həm Ziyzrət dağındaki Ziyarəti, həm də Ağbabada atamın qəbrini bir ziyarət etməliyəm, sonrasına baxarıq. Yolumuz Ağbabayadı. Səhər-səhər Sərdar paşa faytonçu qıllı Minası yanına çağırtdırdı: Minas, faytonu hazırla süb namazından sonra biz Ağbabaya yola düşəcəyik. Bir iki günlük orada işlərim olacaq. Al bu pulları, get iki gün dincəl. Sənin getməyin vacib deyil. Günorta Gümrüdən yola çıxan Sərdar ağa Ziyarət dağındakı ziyarətgahı ziyarət edib, şər qarışan vaxtı Ağbaba tərəfə hərəkət etməyə başladı. Bu zaman qarşıdan atışma səsləri eşıdildi. Qabaqlarına bir dəstə ağlaya - ağlaya arvad- uşaq çıxdı. Səradar: A bala, sizə nə olub, niyə ağlaşırsınız? Bunların içərisindən bir yaşlı kişi dilləndi: -Ayə, zalım oğlu, hara gedirsən, görmürsən ki, yağılar bütün kəndlərə od vurublar. Bizim qaçaqlarla yağılar arasında möhkəm savaş gedir. Arvad, uşaq və yaşlılar ağlaşa-ağlaşa gecə qaranlıqda gözdən itdilər. Sərdar faytondan düşüb dərindən bir ah çəkdi. Hə, Sona xanım, artıq bəla başımın üstünü aldı,- deyıb, sazı sinəsinə basdı. Görək bu yerdə bu mahalın paşası nə dedi: Könül, by yerlərə düşdü güzarım, Bəlaya düşmüşəm haraya varım? Artıq əldən gedir gözəl diyarım, Başıma iş gəldi qaçaqaçıynan. Könül, bu yerlərə həsrətəm necə, Fəğan eyləyirəm hey gündüz- gecə, Mahudum bez oldu, məxmərim keçə, Başıma iş gəldi qaçaqaçıynan. Könül, bu yerləri arama, bəsdi! Duz basma, insaf et, yarama, bəsdi! Yetimsən, səs salıb, zarıma bəsdi! Başıma iş gəldi qaçaqaçıynan. Söz tamama yetdi. Atışma səsləri get - gedə yaxınlaşırdı. Birdən yaraqlı-yasaqlı bir atlı peyda oldu. Atlı ağır yaralanmışdı, qanı su kimi axırdı. Atlı gülcə danışmağa başladı. Paşam, durma buradan uzaqlaş. Yağı yaxınlaşır. Tez ol, vaxt itirmək olmaz. Ay cavan oğlan, sən haradan bilirsən, mən Sərdar paşayam? Hə, paşa, on ildi ki, sən məni necə axtarırsansa, mən də səni elə axtarıram. Mənim adamlarım Gümrüdə sənin faytonçun qıllı Minası izləyirdilər. Şər qarışanda qıllı Minası Öküz dağında yaxaladıq. Artıq gec idi. Ailən ilə birlikdə Ağbabaya gəlməyini qıllı Minas yağılara ötürmüşdür. Qıllı Minası cəhənnəmə vasil edib, səni qurtarmağa gəlmişəm, mənlə səninki qalsın sonraya deyib,- atlı huşsuz vəziyyətdə atdan yıxıldı. Tez Sona xanım başındakı kəlağayını açıb, kişinin yaralanan sağ qolunu sarımağa başladı. Sərdar: Ayə, ay bala, üzünü yaxşı görə bilmirəm, de görüm sən kimsən? Atlı güclə ata sökənərək dilləndi: Cəld Arpa çayına tərəf gedin, mənim igidlərimin hamısı yanımdaca qanlarına qəltan olndu, cəmi beş nəfər qalmışıq, artıq səni qorumağa gücümüz çatmır, yağı bizdən yüz qat coxdu, çəpik olun. Sərdar yenə dilləndi: Əyə, zalım oğlu, de görüm sən kimsən axı?! Paşam, qətlimə fərman verdiyin Qanlı Alı deyilən qaçaq mənəm. Sərdar paşa cəld Qanlı Alının əlindən silahı aldı. Sərdar: Qanlı Alı, indi artıq hər şey mənə məlumdur. Sən elə düz buyurdun, mənimki səninlə qalsın sonraya. Sən yaralanmısan, bu külfəti Arpa çayına kimi sən aparmalısan, mən isə mərd igidlərə köməyə gedirəm. Ancaq onu da unutma ki, mən öz ailəmi sənə əmanət verirəm, qiyam - qiyamatda əmanətimi səndən istiyəcəm. Qanlı Alı coxlu qan itirdiyindən yenidən bihuş vəziyyətidə yerə yıxıldı. Sərdar qanlı Alını faytonun içərisinə qoyub üstünü öz qalın kürkü ilə örtərək dedi: Sona xanım, çərik özünüzü Arpa çayına çatdırın. Sona: Ay kişi bu zülmət qaranlıqda bizi hara qoyub gedirsən? Sərdar: Sona, sən görürsən bu mərd oğullar bizdən ötəri qanlarına qəltan oldular, bəs kişilikdəndimi o oğulları meydanda tək buraxam. Adamları toparlayıb düşmənlərə qarşı vuruşmalıyam. Bu mənim borcumdu. Sərdar: Ax yağı düşmən, məni silahsızmı görüb arxadan vurdunuz deyib, sazı götürüb, aldı görək bu zülmət qaranlıqda nə dedi: Ağbaba deyəndə dolur gözlərim, Yenə dilə gəlir qəmli sözlərim, Yurdu itirirəm tutmur dizlərim, Tanrı, darda qoyma bu yerdə məni! Ağbaba deyəndə yada dağ düşür, Doğma el,doğma yurd,qara-ağ düşür. Bel dərddən əyilir, saça ağ düşür, Tanrı, darda qoyma bu yerdə məni! Ağbaba deyəndə alışır sinəm, Gərək ki Qəribi üstündə dinəm? Mənim bu dağlarda dağılır binəm, Tanrı, darda qoyma bu yerdə məni! Artıq namərdlərin səsi aydın eşıdilirdi.. Sərdarı öldürməyin, o diri vəziyyətdə bizə lazımdı. Sərdarın ailəsi gecə qaranlığında gözdən itdi. Sərdar isə yağılara qarşı savaşa girişdi. Qanli Alının cəmi beş qaçaq igidi qalmışdi. Hər igid bir alaya bəs edirdi. İrəli gələn yağı süvarilərini igidlər sərrast atəşlə yerə sərirdilər. Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər. Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarı mühasirəyə alıb hər iki ayağını yaraladılar. Dördüncü hissə Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər. Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarın hər iki ayağını yaraladılar. Sərdar yaralı vəziyyətdə qayalığın arxasına sürünməyə başladı. Qayalığın arxa tərəfi sərt uçurum idi. Sərdar sərt uçurumdan üzü aşağı diyirlənməyə başladı. Dərənin dibindəki gicitikan kolluqlarının arasına düşdü. Namərdlər qayalığı ələk- vələk etdilər, amma Sərdarı tapa bilməyib geri qayitdılar. İndi sizə kimdən xəbər verim. Sona xanımdan. Artıq hava açılmağa başlayırdı. Sona xanım Arpa çayına çatdı. Cəld faytondan yerə düşdü. Qanlı Alı huşsuz vəziyyətdə faytonda uzanıqlı qalmışdı. Yazın əvvəli idi. Çayın həndəvərində və quzeylərdə qar təzə əriməyə başlayırdı. Sona belə qərara gəldi ki, birinci uşaqları, sonra isə Qanlı Alını çayın o biri tərəfinə keçırsin. Hamza və Hasanı arabadan düşürdü, bir uşaqlara, bir də çaya baxdı. Yaz başı olduğundan Arpa çayı gur axırdı. Odu ki, fikrini dəyişdi və Hasana dedi: Bala, sən çayın qırağında gözlə, qorxub eləmə, mən Hamzanı o biri tərəfə keçirib sonra gəlib səni aparacəm. Sona xanim Hamzanı qucağına alıb özünü çaya vurdu. Suyun tam ortasında birdən Hamza anasına dedi: Ana, hələ bir ora bax. Sona cəld geri döndü, nə görsə yaxşıdı. İlahi heç düşmənimə də belə bir müsibəti göstərmə. Sona xanım gördü ki, körpə Hasanı bir yalquzaq qurd ağzında götürüb qaçır. Bu dəmdə Sonanın qolları boşaldı, Hamza anasının qucağından suya düşdü. Sel də Hamzanı aparıb gözdən itirdi. Ağlaya-ağlaya kor - peşman geri qayıdan Sona çayın qırağına çatdı. Bu müsibətə dözə bilməyib aldı görək nə dedi: Mən sənə nə deyim, ey böyük Allah, Bəlanı bəlanın dalınca verdin. Kasıba - kusuba cında qıymadın, Namərdə kürk, papaq, qalınça verdin. Böyüksən, qadirsən, pənahsan bizə, Bəs niyə mərdləri gətirdin dizə? Ellərim dağılıb, kim buna dözə, Niyə boynumuzu qılınca verdin? Tufağım dağıldı, mən təkcə qaldım, İndi sail olub betər dərd aldım. Əvvəl gül kimiydim, soldum, saraldım, Bu dərdi Sonaya ölüncə verdin. Söz tamama yetdi. Sona xanım güclə özünü ələ alıb faytona yaxınlaşdı. Gördü ki lələ köçüb yurdu qalıb. Qanlı Alı da yoxa çıxıb. Bu dəmdə Sona xanım təkrar aldı görək nə dedi: Hayana baxıram bir kimsəm yoxdu, Qaçma mərd qardaşım, ər meydanıdı. Bizi yaradanın kərəmi çoxdu, Qaçma mərd qardaşım, ər meydanıdı. Aranım ooy, dağım ooy? Bostanım ooy, bağım ooy? Yadlara qismət olan, Daşım ooy, torpağım ooy? Hamzamı əlimdən bu sellər aldı, Körpə Hasanımı xırxız qurd çaldı, Gəlmədi Sərdarım, bəs harda qaldı? Qaçma mərd qardaşım, ər meydanıdı. Eşmə çox, Çay yanında çeşmə çox. Qəm dağları var məndə, Təbib, yaram eşmə çox. Zalım fələk atdı məni zindana, Könül sarayımı qoydu virana. İndi əlim çatmır, dağa, arana, Qaçma mərd qardaşım, ər meydanıdı. Yaram azdı, Kim deyər yaram azdı. Fələkdən şəfa dilədim, Qorxudan yaram azdı. Sən demə qurd Hasanı aparan zaman Qanlı Alı bu vəziyyəti görübmüş. Yaraqsız, yasaqsız qalan Qanlı Alı kolluqlar içində qurdun dalınca çayın qırağına tərəf sürünməyə başladı , artıq iş - işdən keçdiyini görüb, Sonanın səsinə tərəf gəlməyə başladı. Qanlı Alı: Ay xanım, ağlama, Allah kərimdi, mən Hasanı qurdun əlindən ala bilmədim, bəs Hamza hanı, Sərdar gəlib çıxmadımı! Sona xanım: Ay evi yıxılmış, Sərdar gəlmədi, üstəlik də uşağın birini qurd, birini də sel apardı. Sona xanım ah - şüvən eləməyə başladı. Qanlı Alı o qədər qan itirmişdi ki, rəngi ağappaq olmuşdu. Qanlı Alı: Ağlama ay bacı, Allah kərimdi. Sona xanım isə dilləndi: Artıq mənim bir kimsəm qalmadı. Gedirəm özümü çaya atıb öldürəm. Bu sözləri eşidən qanlı Alı Sonanın qollarından bərk-bərk yapışdı. -Səni heç yerə buraxa bilmərəm. Sən mənim qiyam-qiyamata kimi əmanətimsən. O vaxt əlimdən çıxa bilərsən ki, mənim ruhum bədənimdən çıxmış olsun. Bu zaman Osmanın oğlu Səlim ağa qoç igidlər ilə birlikdə faytonu dövrəyə aldılar. Ancaq nə faydası. Səlim ağa Sona xanıma bildirdi ki, biz bu dəqiqə uşaqları da, Sərdarı da tapıb gətirəcəyik, sən geri, Gümrüyə qayıt. Səlim ağa: Mən gərək yağı düşmənlərə o qədər qılınc çəkəm ki, qan atın üzəngisinə dəysin. Ancaq Sona bununla razılaşmadı. Mənim uşaqlarım tapılmayınca bu çayın başından heç yerə gedən deyiləm. Sonanı birtəhər razı salıb Arpa çayın qırağındaki Qızıl Çaxçax köyünə gətirdilər. Həmin gün yağılarla qızğın döyüşlərdə Səlim ağa öldürüldü. Onun cənazəsini Qarsa apardılar. Qızıl Çaxçax köyündə Sona xanıma məlum oldu ki, onun Nağdəli bəydən başqa bir kimsəsi qalmayıb. Deyilənə görə, bu faciəli hadisədən bir həftə keçməmiş Gümrü şəhrində möhkəm zəlzələ oldu. Gümrü şəhri yerlə yeksan oldu. Bu azmış kimi, düşmən qoşunları Gümrü şəhrini tapdaq altında qoydular. Sonanın aqibəti isə Qızıl Çaxçax kəndində ah-vay ilə keçirdi. Bir yandan da Gümrünün dağılması demək olar ki, onun tamam qol-qanadını sındırmışdı. Bütün dostları, qohumları, tanışlarının hamısı zəlzələdə ölmüşdü. Gümrü şəhəri yerlə yeksan olmuşdu. Aradan günlər, aylar keçdi nə Sərdardan, nə də ki, uşaqlardan bir xəbər çıxmadı. İndi görək Sərdar paşanın başına nələr gəldi. Bu işlərdən xəbərsiz qalan Sərdar qayadan yıxıldıqdan sonra gicitikan kolluqlarının arasında huşsuz vəziyyətdə qalmışdı. Səlimin ordusu ilə düşmən qoşunları arasında qanlı döyüşlər olmuşdu. Hər iki tətəfdən ölən və yaralananların sayı - hesabı yox idi. Bir həftəyə qədər kolluqda huşsuz vəziyyətində qalan Sərdarı Canbaz yaylasına gedən çobanlar tapdı, və özləri ilə Sərdarı Cambaz yaylasına apardılar. Amma cobanlar bu kişinin Gümrünün paşası olmasını bilmədilər. Altı aya qədər Sərdarın yarası və sınıxları tam sağaldı. Canbaz yaylasında Sərdara məlum oldu ki, Gümrü şəhəri zəlzələ nəticəsində yerlə yeksan olub və bu azmış kimi yağı qoşunları bu fürsətdən istifadə edib, Gümrü və ətraf mahalları zəbt ediblər. Gümrünün paşası isə ailəsi ilə birlikdə Ağbaba mahalında yağılar tərəfindən qətlə yetirilib. Beləliklə, Sərdar çobanlarla sağollaşıb, düşdü yolların ağına. İndi nə qədər yol getdi, bunun burasını bir Allah bilir! Bəli, bu gəlhagəl ilə gəib şıxdı Mosul şəhərinə. Vaxtı ilə Gümrünün paşası olan, indi isə sail olub səhraları gəzən Sərdar aldı görək bu yerdə nə dedi: El içində haqqı zay olan canım, Fələyin cəbrinə gəl sən döz indi. Məcnuna, Kərəmə tay olan canım, Səhralarda məlul - məlul gəz indi. Bilmirəm mən hara, buralar hara? Bu fələk zalımdı, mənsə biçara. Bilirəm, dərdimə bulunmaz çara. Qan ağlayır dərə, təpə, düz indi. Anam yoxdu, oğul deyib ağlasın, Atam yoxdu, yaralarım bağlasın, Yarım yoxdu, sinə başı dağlasın, Yetim Sərdar, öz qəbrini qaz indi. Bütün camaat Mosulun mərkəzi meydanına yığışmışdı. Üst - başı pis vəziyyətdə olan Sərdar camaata qarışdı. Sərdar: - Ay qardaşlar, burada nə baş verib ki, camaat meydana yığılıb? Məlum olur ki, bu mahalın sərdarı ölüb, bütün mahal bura sərdar seçməyə yığılıb. Bu dəmdə üc ağsaqqal kişi Sərdarın başının üstünü aldı. Ağsaqqallardan biri dilləndi: Bala üç gündü ki, sənin yolunu gözləməkdən gözümüzün kökü saraldı, bizə ərş - əladan buyruq gəlib ki, bu mahalın sərdarı sən olmalısan. Sərdar: Siz nə danışırsınız? Mən fəqirin, yoxsulun biriyəm, mən hara, sərdarlıq hara, siz kimlərnənsə məni səhv salırsınız. Sərdar belə danışanda ağsaqqallar bir - birinin üzünə baxdılar, buradan xeyli aralaşıb bir - birinə qaş - göz ilə nə isə qandırdılar. Amma həmin üç nəfər yenə Sərdara tərəf gəldilər. Yenə həmin ağsaqqal nurani kişi dilləndi: İgid, kasıblıq və fəqirlik insanlar üçün eyib deyil, biz axtar-dığımız adamın bütün nişanələri sənə uyğun gəlir və həmin adamın sağ əlinin içində aypara şəkildə xalı var, bir sağ əlini aç bizə göstər. Sərdar əlini açanda öz ğözlərinə inana bilmədi. O öz əlinin içində aypara şəkilli xal gördü və qəhərdən udğunmağa başladı. Çünki əvvəllər Sərdarın əlində belə bir xal olmayıb. Hər üç nurani ağsaqqal Sərdarın qolundan tutaraq, onu bir qədər zor – xoşla meydanın ortasına aparıb carçıya car çəkdirdilər. Ay camaat, bu gündən Mosulun yeni sərdarı seçildi. Yeni sərdar bu meydanda duran şəxsdir. Bu sözlər Sərdara yuxu kimi gəldi, amma bu bir həqiqət idi. Hə, əzizlərim, görək indi Sərdarın övladları, Hamza və Hasanın aqibəti necə oldu? Səhər tezdən qurd Hasanı götürüb qaçan zaman arandan dağa gələn çobanlara rast oldu. Çobanlar uşağı yalquzaq qurdun ağzından alıb, özləri ilə birlikdə Ota yaylasına apardılar. Hamzanı isə Arpa çayı gətirib Şərilə qədər çıxartdı. Taxıl dəyirmanını işlədən Qasım kişi Hamzanı Arpa çayında bir parça kötüyün üstündə tapdı. Qasım yaşlı bir sonsuz kişi idi. Ona görə də Hamzanı Allah göndərib, deyib onu öz oğlu kimi böyütməyə başladı. Sona xanımın başına görünməmiş müsibətlər gəldi. Sən demə Sona xanım Sərdar paşadan hamilə imiş. Sona xanım Qızıl Çaxçax kəndində bir qız uşağı dünyaya gətirdi və adını Leyla qoydular. Artıq bir il tamam oldu, nə uşaqlardan, nə də ki Sərdardan bir xəbər çıxmadı. Bir yandan da qohum- əqrabası, dostları, tanışları, onları tanıyanlar və tanımayanlar Gümrü zəlzələsində həyatdan köçmüşdülər. Gümrü şəhri tamam yerlə yeksan olmuşdu. Hər yerdən əli üzülən Sona xanım qanlı Alının təhkidi ilə İstanbulun yaxınlığındakı Dəyirman köyünə gəlib çıxdı. Əslən Dəyirman köyündən olan qanlı Alı, Sona xanım və onun bir yaşlı qizi Leylanı öz doğma evinə gətirdi. Özünün və Sona xanımın başına gələn bütün bu müsibətləri arvadı Nazdı xanıma və yaxınlarına danışdı.. Beləliklə, Sona xanım bu mahalda namus və qeyrətlə, “balalarım” deyə - deyə, qəm – kədər içində yaşamağa başladı. Beşinci hissə ...Hər yerdən əli üzülən Sona xanım qanlı Alının təhkidi ilə İstanbulun yaxınlığındakı Dəyirman köyünə gəlib çıxdı. Əslən Dəyirman köyündən olan qanlı Alı, Sona xanım və onun bir yaşlı qizi Leylanı öz doğma evinə gətirdi. Özünün və Sona xanımın başına gələn bütün bu müsibətləri arvadı Nazdı xanıma və yaxınlarına danışdı.. Beləliklə, Sona xanım bu mahalda namus və qeyrətlə, “balalarım” deyə - deyə, qəm – kədər içində yaşamağa başladı. Artiq Mosul şəhərində Sərdar dövlət işlərini mükəmməl bildiyindən ədalətli qanunlar çıxartdı və kim yanına gəlirdisə, ondan razı qayıdırdı. Bu münvalnan Sərdar burada ədalətli bir sərdar oldu. Lakin aradan aylar, illər keçməsinə baxmayaraq Sərdarın üzü gülmürdü. Beli əyilib, başı dağların qarına dönmüşdü. Hər yerdə dilinin əzbəri Gümrü şəhəri, Sona xanım və övladları idi. Bu işlərin belə davam etdiyini görən baş vəzir Sərdarın hüzüruna gəldi və ədəb - ərkanla salam verərək Sərdara bildirdi ki, artıq bu hal belə davam edə bilməz. Baş vəzir: Paşam sağ olsun, siz gündən-günə saralıb solursunuz. Bir qadın nədir ki, ondan ötəri dəli, divanə olmusunuz! Bizim Müqəddəs Kitabda yazılıb ki, hər bir müsəlman, istər qadın olsun, istər kişi, şəriətlə dul qalmamalıdı. Nə coxdu bu mahalda qız, gəlin. Paşam, gəlin daşı ətəyinizdən tökün, bu işə bir xeyir-dua verin. Sərdar qəmli - qəmli baş vəzirə baxdı və başını bulayaraq əl atdı telli saza. Görək bu yerdə Böyük Mosul mahalının paşası Sərdar baş vəzirə nə cavab verdi: İçdim eşqin badəsini, Eşq məni boyadı qana! Açdım könül düyməsini, Eşq məni boyadı qana! Mən yürüdüm yavaş - yavaş Eşq mənimlə tutdu savaş. Dindirməyin məni, qardaş, Eşq məni boyadı qana! Şamu – səhər yalan oldu, Əsam döndü ilan oldu, Könül evim talan oldu, Eşq məni boyadı qana! Sən Çıldırdan səstə məni, Ağbabadan istə məni, Bir gözəlin üstə məni, Eşq məni boyadı qana! Dil xəstə, könül şikəstə, Göz yolda,qulağım səstə, Yarı canda, son nəfəstə, Eşq məni boyadı qana! Yağmur yağır narın - narın, Mən ağlaram zarın - zarın, Qalmayıb halı Sərdarın, Eşq məni boyadı qana! Söz tamama yetər- yetməz baş vəzir başladı nə başladı: Paşam, sağ olsun, mən qoşuna döyüşə hazır olmaq üçün göstəriş vermişəm. Qoşun döyüşə tam hazırdi. Günü səhərdən mənim başçılığım ilə Gümrü üzərinə hücuma keçirik. Bu sözləri eşidən Sərdar yerindən qızıl quş təki sıçrayıb üzünü baş vəzirə tutaraq dilləndi: Cox sağ ol, baş vəzir, məni sayıb gəlmisən, gözüm üstə yerin var. Amma onu unutma ki, mənim bələyim doyüş meydanlarında qana boyanıb. Mən Mosul xalqı üçün hələ heç nə edə bilməmişəm. Birləşmiş yağı qoşunları bizdən qatbaqat çoxdu. Biz hələ savaşa tam hazır deyilik. Mən gənc aslanlarımı, igid ovladlarımı qirğına verə bilmərəm, hər şeyin vaxtı, vədəsi var, vəzir,tələsmə, Mövlamın səbri böyükdü, səbirli ol vəzir, Allah kərimdi. Bu sözləri eşidən baş vəzir Sərdardan üzr istəyib paşanın sarayını tərk etdi. Aradan aylar illər keçdi. Nə Sərdardan, nə dəki uşaqlardan bir xəbər çıxmadı. Artıq Sona xanımın zərif telləri ağappaq ağarmışdı. Sona xanım əvvəlki Sona xanım deyildi. Leyla on altı yaşın içidə idi. Leyla o qədər gözəl idi ki, yemə- içmə, dur bircə bu qıza tamaşa eylə. Leylanın gözəlliyi bir çox cavan oğlanların ağlını başından almışdı. Elçilər qanlı Alının qapısından əl çəkmirdilər, ancaq gələnlərin hamısı əli boş qayıdırdı. Bu mahalın qoçusu Yahya adlı bir cavan oğlan da Leyla xanıma aşiq olmuşdu. Ancaq Leyla bu qoçuya da “xeyr” cavabı vermişdi. Leylanın axrıncı cavabı Yahyaya təsir etdi. Odur ki, qoçu Sona xanımı hədələr ilə qorxutmağa başladı. Yahya: Sona, əgər qızı mənə verməsəniz, onu özümlə bərabər dağlara götürüb qaçacam. Bu işlərdən xəbər tutan Qanlı Alı dəfələrlə Yahyaya xəbardarlıq edib bildirmişdi ki, əgər Leylanın başından bir tük əksik olsa, ozünü ölmüş bil. Ancaq Yahya yenə də Leylandan əl çəkmirdi. Hətta günlərin birində Yahya qoçunun dəstəsi qanlı Alının qabağını kəsib onu qorxutmaq üçün üstünə silah çəkdilər. Qanlı Alı da kı, Qanlı Alıdı. Onun adı gələndə mənəm- mənəm deyən qoçular sıçan deşiyini satın alırlar. Qanlı Alı məqribdən - məşriqə qədər ad çıxarmışdı, bu mahalda onu tanimayan yoxuydu. Dəyirman köyündə qanlı Alı ilə Yahyanın qoçuları arasında möhkəm dava düşdü. Qanlı Alı silaha əl atan kimi qoçuların dördünü yerə sərdi. Güllə qoçuların ayağından dəymişdi. Qanlı Alı silahın lüləsini Yahyanın ağzına soxaraq onu da bu dəqiqə oldürəcəyini deyib gözləri qızarmış vəziyyətdə qışqırırdı. Sona xanım güclə qoçu Yahyanı qanlı Alının əlindən aldı. Yahya ölümdən qurtardı. Hər yerdən əli boşa çıxan Yahya axırda molla Şabanın yanına gəldi və ona böyük miqdarda pul verərək dedi; Molla Şaban, necə edirsən et, Leylanı yoldan çıxart, qoy mənə arvad olsun. Günlərin birində Leyla bulaq başında molla Şaban ilə qarşılaşdı. Leylanın xəbəri olmadan molla Şaban Leylanın başından bir tük kəsdi. Bu vəziyyəti görən qanlı Alının qızı Cahan xanım bu hadisəni qanlı Alıya danışdı. Qanlı Alı qızışaraq sılahını götürüb Molla Şabanı öldürəcəyini bildirdi. Sona xanım qanlı Alının qabağını kəsib, ona yalvararaq dedi: Alı qardaş, bir də silaha əl atıb qan töksən, mən bu mahaldan baş götürüb gedəcəm. Səni and verirəm bu əziz “Qurana”, bir daha əlinə silah alma, mənim özüm molla Şabanın cavabını verəcəm. Elə həmin gün Sona xanım molla Şabanın evinə gəldi. Sona xanım molla Şabana bildirdi ki, bu şeytan əməlindən əl çəksin. Bu sözləri eşıdən molla Şaban əsəbi vəziyyətdə Sona xanıma dedi: Qarı, necə gəlibsənsə, eləcə də buradan rədd ol, bir də gözüm səni görməsin. Bu sözləri eşidən Sona xanım dözə bilməyərək molla Şabana qarğış eylədi. Əzizlərim bizdən demək, sizdən eşıtmək. Aldı görək Sona xanım molla Şabana nə dedi: Şaban sənə qarğayıram, Dərdin-sərin bəlan olsun. Xudam səni zəlil etsin, Can sağlığın yalan olsun. Sürünəsən, əyiləsən, Dərd əliylə oyulasan, Soğan kimi soyulasan, Haqqdan sənə olan olsun. Özün iblis, sözün saxta, Çıxmayasan heç vaxt taxta. Ibadət eyləsən çox da, Nəsibin bir palan olsun. Sona, ümman ləpələnsin, Kor gözünə kül ələnsin, Qanın çölə səpələnsin, Könül evin talan olsun. Bu sözləri eşidən molla Şaban bütün gecəni yata bilmədi. Molla Şaban səhər o başdan Qanlı Alının evınə gəldi və tutduğu əməlinə görə Sona xanımdan üzr istədi. Beləliklə, Qanlı Alı müqəddəs Qurana əl basıb bir daha əlinə silah götürmədi. Hə, əzizlərim beləliklə, Sərdar ağa Mosul mahalında, xanımı Sona xanım və qızı Leyla İstambulun Dəyirman köyündə, oğlu Hamza Şərildə, o birisi oğlu Hasan Ota yaylasında ağrılı - acılı günlərini yaşamağa başladılar. Gümrü şəhri tamamilə yağıların əlində idi. Sərdarın göstərişı ilə hər il Mosuldan Gümrü və onun vilayətlərinə Sona xanımı axtarmaq üçün adamlar göndərilirdi. Lakin gələnlərin hamısı Sona xanımım ölüm xəbərini gətimişdi. Aradan on beş il keçməsinə baxmayaraq, Sərdarın gözü yollarda, qulağı səsdə qalmışdı. Yenə də qasıd Sonanın ölüm xəbərini gətirmişdi. Sərdar qəmli - qəmli qasidə baxaraq aldı görək nə dedi: Ortalığa dağlar düşdü, söz oldu, Yaralarım yaşıl, yaşıl göz oldu, Sinəm üstü kömür oldu, köz oldu, Axtardılar, tapmadılar Sonamı. Eşqimizə əhdi - peyman bağladıq, Biz bir güldük, bir sevinib ağladıq. Namə yazıb hər bir yana yolladıq, Axtardılar, tapmadılar Sonamı. Nazlı yarım gedər oldu gəlmədi, Onun yerin fələklər də bilmədi, Mənim üzüm qürbət eldə gülmədi, Axtardılar, tapmadılar Sonamı. İtirdim Gümrünü, ümmana daldım, Gələnnən, gedənnən xəbərin aldım, Məcnun olub səhraları dolandım, Axtardılar, tapmadılar Sonanı. Duman - çiskin can evimi bürüdü, Cavan canım qürbət eldə çürüdü. Mənim yarım gözəllərin biridi. Axtardılar, tapmadılar Sonamı. Bu dünyada bezar oldum özümdən, Ah etdikcə, sel töküldü gözümdən. Iki əlim qalxmaz oldu dizimdən, Axtardılar, tapmadılar Sonamı. Atım yanaşmayır minik daşına, Əlim yetişməyir yəhər qaşına. Gəlib çatdım mən də altmış yaşına, Axtardılar, tapmadılar Sonamı. Aradan iyrmi il keçmişdi. Dəmirçilər köyündə belə bir səs – səda yayıldı ki, Mosul hakimi yüz minlik böyük bir qoçunla hücuma keçıb yağıları torpaqlardan qovaraq Gümrü şəhrini azad edib. Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir. Fərmanda yazılmışdı. Gümrü şəhərinin əhalisinin nəzərinə. Altıncı hissə Aradan iyrmi il keçmişdi. Dəmirçilər köyündə belə bir səs – səda yayıldı ki, Mosul hakimi yüz minlik böyük bir qoşunla hücuma keçıb yağıları torpaqlardan qovaraq Gümrü şəhrini azad edib. Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir. Fərmanda yazılmışdı. Gümrü şəhərinin əhalisinin nəzərinə, Yağılar tərəfindən tutulmuş şəhər və kəndlər azad olumuşdur. Kim istəyirsə, öz doğma el – obasına qayıda bilər. Hər bir kəsə Mosul paşası hər cəhətdən köməkliklər göstərəcək. Carçıların səsini eşidən Sona xanım qanlı Alının əl-ayağına düşüb yalvarmağa başladı. Qardaş mən səndən və sənin ailəndən cox razıyam, zəhmətinizi bizə halal edin, ancaq mənim Gümrüsüz hər günüm bir ilə bərabərdi. Bəyaz gecələrim zülmətə dönüb. Gözlərimi yuman kimi ərim və oğlanlarım gözlərimin qabağına gəlir. Onlarin ya sağ, ya da ölüm xəbərini almalıyam. Artıq mənim ölümlü günüm gəlib catıb. İcazə versəydin, gedib bir daha Gümrünü görüb sonra ölərdim. Qanlı Alı bir az fikrə getdi və başını bulaya-bulaya dedi: Ax zamana, zamana, mərdi nə pis yerdə cəkirsən divana. Mən elə bilirdim ki, bir daha əlimə silah almayacağam, sən demə talehim belə imiş. Yaxşı, Sona xanım, mən də sizınlə gedirəm. Alının arvadı Nazdı xanım dözə bilməyib sözə başladı: Ay kişi, sən hara, biz də ora, onsuz da burada güclə dolanırıq, mən cəhənnəm, bəs bu yetişmiş qizları kimə əmanət verirsən, heç olmasa, barı bu tifillərə yazığın gəlsin. Axı deyirdiniz, Sərdar Gümrünün paşasıdı, bəlkə kişi gəlib çıxa, biz də bir ağ günə çıxaq! Qanlı Alı gülə - gülə dilləndi: Ay ağ günə çıxdıq ha! Mən Sərdar paşayla düşmənəm, o mənim ölmümə fərman vermişdi. Əgər ölməsəm, mənim onunla düşmənçəliyim qalıb sonraya. Nazdı yenə dedi: Ay kişi, bəs sən deyirdin Sona mənə qiyam - qiyamata kimi əmanətdi, ona baçı gözü ilə baxırdın, ağzındakı yeməyini çıxarıb onlara verirdin, mən sənin danışdığından artıq heç nə başa düşə bilmirəm. Qanlı Alı: Ay Nazdı, burda başa düşməməyə nə var ki? Bu namus və qeyrət məsələsidi, bir də ki, sən mənim oradakı əməllərimi bilməsən daha yaxşıdı. Sona xanım Nazdının sözünə müdaxilə elədi: Ay bacı, Alı qardaşı sən düz başa düşmədin. Gümrüdə Alı o qədər yaxşı əməllər qoyub gəlib ki, onu bir Allah, bir mənim ərim, bir də mən bilirəm. Mən düz iyirmi ildi ki, Alı qardaşın çörəyini yeyirəm, olmazmı ki, siz də iki gün Gümrüdə bizim çörəyi yeyəsiniz. Bu zaman qanlı Alı ciddi bir şəkildə dilləndi: İş ki, belə oldu, onda hamınız şey- süylərinizi yiğın, günü səhərdən Gümrüyə yola düşürük. Alı öz ailəsi, iki qızı, Sona və Leylanı götürüb Gümrüyə getməkdə olsun, görək Sərdar paşa Mosul mahalında nə işlərlə məşğul olurdu. Artıq Sərdar buranın sevimli paşasına çevrilmişdi. Elə bil həqiqətən də, bolluq - bərəkət Sərdarın ayağında imiş. Camaat o qədər şən, firavən dolanırdı ki, gəl görəsən. Mosulda Sərdar bir yetim dul Lalə adlı qızı öz qızı kimi himayəsinə götürmüşdü. Lalənın isə iki yetim uşağı var idi. Yetimlərin birinin adı Mustafa, qızın adı isə Ayişə idi. Aradan iyrmi ildən də çox keçmişdi. Sərdarın başı ağ ağappaq dağların qarına dönmüşdü. Ayişə vəzirin oğluna ərə getmişdi. İyirmi beş yaşlı gənc Mustafa isə Sərdarın qoşununun baş sərkərdəsi idi. Sərdar paşanın əmrinə əsasən Mustafa yüz minlik bir ordu ilə Mosuldan çıxıb Gümrüdə dayanmışdı. Mustafanın işi Gümrü şəhrini abad etməkdən ibarət idi. Artıq Hamza iyirmi beş yaşında bir cavan oğlan idi. Ata əvəzi olan dəyirmançı Qasım dünyasını dəyişmişdi. Un dəyirmanını Hamza işlədirdi. Onu böyüdüb boya- başa çatdıran Qasımın sözləri hər dəfə qulağında cingildəyirdi. Qasım kişi: Bala, bilmək olmaz bu dünyanın işini, mən qəflətən ölsəm, bu qızıl bilərzik səninkidi. Səni çaydan tapanda o qolunda idi. Artıq mənim ölümlü vaxtım gəlib çıxıb, bir az boya – başa çatdıqdan sonra öz doğmalarını axtarıb taparsan. Artıq Hamza Qasım kişinin son vəsiyyətini yerinə yetirməli idi. Hamza öz ata əvəzi Qasımın qəbrini ziyarət etdikdən sonra, Arpa çayı boyunca hərəkət etməyə başladı. Əlı şəhri (Ani) yaxınlığında bir böyük qoşuna rast gəldi. Hamzaya məlum oldu ki bu qoşun torpaqları yağılardan təmizləyə - təmizləyə Gümrü şəhrinə gedir. Kimsəsiz Hamza yaraq- yasaq geyinib orduya qarışdı. Döyüşlərdə böyük şücayət göstərdi. Sərkərdə Mustafanın fərmanı ilə yüzbaşı vəzifəsinə qalxdı. Hasan isə yaylaqlarda o dağ sənin, bu dağ mənim deyib qoyun - quzu otarırdı. Özü də çobanlar arasında həddindən artıq dəcəl böyümüşdü. Sözə baxmayanda cobanlar onu möhkəm döyürdülər. Hələ bəziləri də deyirdi, gərək qoyaydıq bu yetim köpək oğlunu qurd parçayayıb yeyəydi, hara göndəririksə oranı yarıtmır, dəfələrlə qoyun sürülərimizi qurda- quşa yem eləyib. Artıq Hasan dağlarda qoyun-quzu otarmaqdan cana- boğaza yığılmışdı. O da çobanların əlindən baş götürüb qaçdı. Dərələr dağlar aşıb, gəlib Qarsın düzündə qardaşı Hamza kimi könüllü olaraq Mustafanın qoşununa qoşuldu. Qanlı Alı isə artıq Gümrüdə idi. Bir tərəfdən zəlzələ, bir tərəfdən də yağılar Gümrünü xarabaya çevirmişdilər. Mustafanın qoşun dəstələri burada döyüşləri dayandırıb abadlıq işlərinə başlamışdı. Sona xanım da artıq Gümrü şəhərində idi. Şəhəri gəzib, dolandıqdan sonra oz evinin xarabalığını tapdı. Xarabalıqda elə hündür qanqallar bitmişdi ki adam içərisinə girsə görünməz olardı. Bu bəlaya dözə bilməyən Sona xanım aldı görək nə dedi. Ağlaya - ağlaya dönmüşəm quşa, Baxıram torpağa, baxıram daşa, Mən həsrət qalmışam qohum - qardaşa, Elimi, günümü itirən mənəm. Ağlaya - ağlaya ağlar qalmışam, Dərdə boyun əyib meyil salmışam, Vaxtım vədəm keçib çox qocalmışam, Elimi, günümü itirən mənəm. Ağlaya - ağlaya göz düşdü nurdan, Dərdimin dərmanı tapılar hardan, Tək Tanrı qurtarar, məni bu dardan, Elimi, günümü itirən mənəm. Əlləri hər yerdən üzülən Sona xanım axırda öz doğulduğu evi, yəni Nağdəlinin bəyi evinin xarabalığını tapdı. Bağı kol – kos basmışdı. Bağın içindəki qonaq evi isə yarıuçuq vəziyyətidə idi. Qanli Alı tez evə əl gəzdirdi. Qızlar isə bağı kol-kosdan təmizlədilər. Gümrüdən qaçıb canını qurtaranlar yavaş-yavaş şəhərə axışmağa başlamışdılar. Geri qayıdanların heç biri bilmirdi ki, burada yaşayan bu qadın vaxtı ilə Gümrü şəhrinin paşası olan Sərdarın xanımı Sona xanımdı. Sona xanım həmin Sona deyildi. Zərif telləri ağappaq ağarmışdı, incə beli bükülmüşdü. Günlərin birində sərkərdə Mustafanın yolu bu evin yanından düşdü. Mustafanın gözlərinə eyvanda oturan bir su pərisi sataşdı. Bu Leyla xanım idi. Leyla o qədər gözəl idi ki, yemə, içmə, dur bunun büllur camalına tamaşa eylə. Mustafa tez atdan düşüb dilləndi: Ay gözəllər sultanı, mələklər şahı, mən bir fincan su verə bilərsənmi? Leyla əlində bir fincan suyu Mustafaya uzadaraq dilləndi:- Mən ömrümdə birinci dəfədi ki, belə xoş sözlər eşidirəm. Mustafa ilk baxışdan Leylaya aşiq oldu. Artıq Mustafa səhər - axşam yolunu buradan salırdı, ancaq Leyla bu eşqə hər vəchlə razı olmurdu ki olmurdu, hələ üstəlik də Mustafanın əlini Bəkir paşanın Sona xanıma verdiyi qızıldan olan müqəddəs Quranı Kərimə basdı və dedi: Gümrü nə vaxt abad olsa, mən də o vaxt sənə arvad olaram. Mustafa qoşun sərkərdəliyini unudub bir Məcnuna cevrildi. Bu xəbər Mosulda Sərdar paşaya çatdı. Sərdar qasidlə namə göndərib Mustafanı təcili Mosula çağırtdırdı. Mustafa paşanın əmri ilə Mosula gəldi, amma yatağından durub Sərdarın hüzüruna getmədi ki, getmədi. Bu dəmdə Lalə xanım Sərdara bildirdi ki, baba, bilmirəm, oğluma nə olub, iki gündü heç birimizi yanına buraxmır. Elə bil Sərdarın başına qaynar su tökdülər. Sərdar: Bu dəqiqə mən ona yatmağı göstərərəm deyib, Mustafanın otağına daxil oldu. Sərdar Mustafaya xoşdəldin eyləyib ədəb - ərkanla salam verdi. Bala, gəldiyini desən ki, bir biz də bilək, axı gözümüz yollarda qalıb. Mustafa anasının və Sərdarın əlindən öpüb sakit bir tərzdə dilləndi: Bağışlayın, baba, Gümrüdə yaralanmışam, ona görə yerimdən dura bilmədim. Lalə əl atdı ki, Mustafanın köynəyidəki düymələri açsin, amma Mustafa dilləndi: Ana, sən əziyyət çəkmə, özüm açacam, deyib zalım oğlu başladı nə başladı. Açma könül düyməsini, Öz əlimlə vurulmuşam. deyən kimi Lalədən bir şüvən çıxdı ki, gəl görəsən. Lalə: Ay oğul, nəmərd gülləsi harandan dəyib, oy, Allahım bu nə işiydi, bizim başımıza gəldi? Ay baba, oğluma bir kömək elə, qoyma ölsün. Sərdar bu işlərdən halı olduğu üçün gülə- gülə dilləndi: Ay qızım, bir sakit ol, buna başqa güllə dəyib, qoy dərdini söyləsin, biz də bilək. Hə, bala qulağım səndədi, dərdini bir açıq söylə. Mustafa sazı kökləyib zili- zil, bəmi- bəm aldı görək nə dedi: Açma könül düyməsini, Öz əlimlə vurulmuşam. İçib eşqin badəsini, Qızıl gülə vurulmuşam. Gümrü bir gözəl diyardı, Dağlarının başı qardı. Eşq atəşi bağrım yardı, Qara telə vurulmuşam. Gümüş kəmər belindədi, Eşq kitabı əlindədi, Haqq kəlməsi dilindədi, Tuti dilə vurulmuşam. Gedin deyin o Leylana, Yastığım döndüb ilana. Nə aqiləm nə divana, Bir gözələ vurulmuşam. Söz tamama yetər - yetməz Lalə dedi: Zalım oğlu, məni də babanı da qorxutdun. Daha denən ki, bir erməni və ya rum qızına vurulmuşam. Mustafa: Ay ana, o qız rum qızı deyil, əsil türk qızıdı, adı Leyladı, əlində qızıldan düzəldilmış “Müqəddəs Quranı Kərim” var. Sərdar dilləndi: Ay bala, mənə hər şey məlumdu, bircə o müqəddəs kitab məlum deyil axı, qızıldan müqəddəs kitab olmaz. Ay baba, öz gözlərimlə görmüşəm. Hətta kitabın üzərində altunla həkk olumuş sözləri özüm öz gözlərimlə oxumuşam. Onu Leylan göz bəbəyi kimi qoruyur, deyir ki, atamın bizlərə qalan yeganə yadigarıdı. Hətta bu günə kimi atasi və anası barədə mənə heç nə deməyib, bircə şərti var ki, Gümrü şəhri nə vaxt abad olsa, mən də sənə o vaxt arvad olacam. Sərdarın dili topuq vura - vura dilləndi; -Bala, ağrın alım, o müqəddəs kitabın üzərinə nə yazılmışdı, deyə bilərsənmi? Baba, necə varsa, kəlmə - kəlmə deyirəm. “Qiyamətə Qədər qoruyun” Bu sözləri eşıdən Sərdar tir - tap yerə yıxıldı. Şah divanında hamı bir, birinə dəydi. Hər şey yaddan çıxdı, cammat düşdü Sərdarın üstünə. Hannan – hana Sərdar özünə gəldi. Gözlərindən yaş axa-axa dedi: Bala, ölmədim, bu günü də gördüm, şad xəbərdən başım hərlənıb yıxıldım. Mustafa sən burada qal, mən günü səhərdən Gümrü şəhrinə yola düşəcəyəm. İki dünya bir olsa da, mən Leylanı sənə almalıyam. Sərdar: Ay bala, bu şad xəbəri gələn kimi mənə deyə bilməzdinmi? Bəli, Sərdar bir sayil qiyafəsində Gümrüyə daxil oldu. Gümrünün dağılmış məhəllələrini gəzdikcə dərdi birə min artırdı. İyirmi illik ayrılıqdan sonra Sərdar ilk dəfə idi ki, Gümrü şəhərini görürdü. Sərdar öz yaşadığı mülkü tapdı. Xarabalıqlar üstündə oxuyan bayquşları görüb, sazını köynəkdən çıxardı. Üzünü bayquşlara tutaraq qəmli - qəmli aldı görək nə dedi: Dəli könül, bayquş görüb ağlama, Gəl bu yerdə sən sinəmi dağlama, Bəxtin yatıb ona ümid bağlama, Başa gələn yaradana bəllidi. Dəli könül, qanadını qırdı qəm, Kədər sənin, qədər sənin, yoxdu dəm, Arvad - uşaq itgin düşüb, yox həmdəm, Başa dələn yaradana bəllidi. Dəli könül, Ağbabaya yön çevir, Pərvaz elə o dağlara bir hovur. Ürəyimi gizlin - gizlin dərd ovur, Başa gələn yaradana bəllidi. Sərdar bütün məhəllələri ələk - vələk elədi, ancaq Mustafanın nişan verdiyi yer öz dostu, həm də qohumu Nağdəlinin evi olduğuna artıq heç bir şübhə qalmadı. Sərdar gördü ki, bağ həmin bağdı. Bağda bir qadın və iki gözəl qız oturub. Qadın qızın birinin başına tumar çəkir. Bu qadın qanlı Alının arvadı Nazlı xanım idi. Sığal çəkdiyi qız öz qızı, yanındakı isə Leyla idi. Sərdar: - Ay ev yiyəsi, qonaq qəbul edə bilərsinizmi? - deyib dilləndi, lakin cavab almadı, bir də Sərdar dilləndi: Salam əleyküm, xanım, qapı – qapı gəzib, dilənirəm, mənə bir parça çörək verin, uşaqlarım acından batır. Yenə qadın dinmədi. Sərdar öz-özünə deyindi, yox, bu Sona ola bilməz, Sona son tikəsini kasıblara paylayan bir qadındı. Bu qadın lap kafirin qatısıdı ki, ona bir - iki atmacalı söz deyim bəlkə dili açıla. Aldı görək Sərdar bu qadına nə dedi: Gözəllər məkanı Gümrü şəhrində, Saldı sinəm üstə od, Gümrü qızı. Salam verdim, salamımı almadı, Baxa-baxa qaldı mat Gümrü qızı. Eyvanda durmuşdu bir su sonası, Bağrına basmışdı çeyran balası. Dedim qonağınam, zalım balası, Al məni qoynuna, yat Gümrü qızı. Niyə dillənmirsən, dilin lal olub? Kim sənə deyər ki, əhli – hal olub. Demə ki, saildi kəmxəyal olub, Məni qul eylədin, bat Gümrü qızı. Bir suyu oxşayır o nazlı yara, Bilirəm bəxtimi yazıblar qara. Sözümü deyirəm daşa - divara. Xoşbəxt ol arzuna çat, Gümrü qızı. Söz tamama yetdi. Nazlı üzünü Leylaya tutaraq dilləndi: Ay Leyla, a bala get evdən kütdən - külədən gətir ver bu dilənçiyə, qoy cəhənnəm olub buradan getsin, yoxsa zəhləmizi tökəcək. Leyla əlində bir parça çörək dərvişə uzadaraq dilləndi: Buyurun baba, elə olub - qopanımız budu, vallah- billah biz də buraladra çörəyi güclə tapırıq. Sərdar: Əstəfurullah, əstəfurullah, mən nə görürəm, bu röyadı, yoxsamı nədi, şükür məsləhətinə Allahım, nə qəşəng, nə gözəl, ay maşallah, elə bil, bir su pərisidi çıxıb qarşıma. Allah səni xoşbəxt etsin ay qızım, bu çörəyin əvəzini Allah tala sizlərə artıqlığı ilə qaytaracaq, - deyib Sərdar oranı tərk etdi. Elə bil bu qız Sonanın özüydü, çıxmışdı onun qabağına. Bu qızı görəndən sonra Sərdarın dərdi birə min artdı. Oradan geri qayıdan zaman dağılmış evinin xarabalıqlarına baxıb Sona xanımı yadına salaraq Sərdar aldı görək nə dedi: Əcayib sevdaya düşdüm, Allahım, Ölürəm, ilqarım söylə, hardasan? Bilmirəm dilbərim nədi günahım, Təbibim, loğmanım söylə, hardasan? Bir bağban olmuşam, bağ bar gətirmir, Əkdiyim gülləri torpaq bitirmir, Mən çəkən yükü heç fil də götürmür, Ey nazlı ceyranım söylə, hardasan? Sevdasız günlərim yadıma düşür, Cismim də, ruhum da, titrəyir üşür, Hər dəfə ömrümdən bir yarpaq düşür, Xınalı maralım söylə, hardasan? Axtardım sevdamı günüm il oldu, Hara qədəm qoydum ora, gül oldu, Sərdar eşq odunda yandı kül oldu, Mehriban soltanım, söylə, hardasan? Sərdar bu qızın kimlərdən olduğunu bilmirdi. İndi ona tam məlum oldu ki Mustafanın dediyi Leyla bu qızdı. Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin. Yeddinci hissə Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin. Qeyd: Ağbaba mahalında mehmanxanaya “xan” deyirdilər. Xanda cəmi on nəfərə qədər adam var idı. Sərdar adamların icərisindən o dəqiqə yetim Tapdığı tanıdı. Yetım Tapdıq həzin - həzin tırınqı çalıb oxuyurdu. Sərdar Yetim Tapdığın sözünü kəsərək dilləndi: Ayə, ay Yetim Tapdıq, bir əməlli başlı söz desən! Bizi lap qəm dəryasında boğdun axı, bir o telli sazı mənə ver görüm. Yetim Tapdıq başını qaldırıb dərvişə baxdı. Ay zalım oğlu, mən hansı günümüzə yaxşı söz deyim, görürəm, sən buralar adamı deyilsən, bu telli sazım məni qoymur yasdan çıxam. Buyur sazı, kəramətini göstər, dənciyində nəyin varsa, tök ortaya. Sərdar sazı sinəsınə basıb aldı görək nə dedi: Ay ərbablar, gəlin sizə söyləyim, Qərib - qərib dolanıram elləri. Fələk qəm zəncirin salıb boynuma, Qərib - qərib dolanıram elləri. Yeridim, yürüdüm qürbətə sarı, Geriyə boylanıb baxmadım barı. Ələndi saçıma dünyanın qarı, Qərib - qərib dolanıram elləri. Bir quşa dönəydim, uçaydım geri, Gəzib dolanaydım o doğma yeri. Qanan da, qanmaz da hökm edir, kiri, Qərib - qərib dolanıram elləri. Söz tamama yetdi. Yetm Tapdıq qəmli-qəmli dilləndi: Eh, a dərviş, bu yerlərdə səni kimi çoxlarının günü, ayı qara gəlib, burada hamı qəribdi. Yetim Tapdığın ağzında sözü yarımçıq qaldı. Sərdar aldı dübarə görək indi nə dedi: Yatmışdım yuxuda... ayıldım gecdi, Karvanın getmişdi, yollarda qaldım. Yaxşı adım - sanım hörmətim vardı, Batdı şan – söhrətim, dillərdə qaldım. Taleyim tərs oyun açdı başıma! Baxmadı gözümün qanlı yaşına! Müxənnət fələyin bu gərdişinə Qərib diyarlarda, çöllərdə qaldım! Itirdim ağ günü, qohum – qardaşı, Əydim qamətimi, ağartdım başı. Gəzirəm tapmıram yarı – yoldaşı, Doğma evim yoxdu, ellərdə qaldım. Söz tamama yetən kimi Yetim Tapdıq dərindən bir ah çəkdi. Ay dərviş, Allah sənə insaf versin, lap tüstümü təpəmnən çıxartdın. Sən mənnən yaxşı söz istəyirdin, bəs nə oldu, mənnən də betər qəmli sözlər deyirsən. Deyəsən, sən elə mənnən də betər dərddəsən. Sərdar: Hələ yenə sözüm var, Yetim Tapdıq, qulaq as gör nə deyirəm. Yenə Sərdar sözə başladı, nə başladı: Fələyin qəzası tapandan məni, Tutdu əllərimdən belə apardı. Atəşli zənciri saldı boynuma, Dözülməz dərdlərə, hala apardı. Aradım yarı mən qəmə tuş oldum, Hicran dərdi çəkib, bağrı daş oldum. Bir qanadı qırıq, yalqız quş oldum, Gəldi boran vurdu, yola apardı. Qəribəm, tənhayam, düşmüşəm dara, Para – para oldu, qövr edən yara. Dərdimə bir kimsə tapmadı çara, Əlimdən var – yoxu bəla apardı. Söz tamama yetən kimi Yetim Tapdıq qəmli - qəmli dilləndi: Ay dərviş, sənin adın nədi? Mədəd. Ay zalım oğlu, Mədəd! sənin səsin məni keçmişə apardı. Səsin mənə tanış gəlir, amma səni taniya bilmirəm, üzü qara olsun belə zamanənin! dərd-kədər qoyur ki, qırışığımız açılsın. Ay zalım oğlu, təki sənə gələn mala-pula gəlsin, bu dağılmış yerdə nə qalıb ki, camaat sənə nəsə də versin, camaatın özü indi dilənçi vəziyyətinə düşüb. Sərdar dilləndi: Çarəsizəm aşıq, uşaqlar acından qırılır, gərək o başdan durub dağ kəndlərinə gedəm. Yetim Tapdıq başını bulaya - bulaya dedi; Ay getdin ha, sən saydığını say, gör fələk nə sayır. Yetim Tapdıq sazı sinəsinə basıb aldı görək nə dedi: İndi Ağbabada betər zamandı, Gülənin gözünü oyurlar, Mədəd. Dinəni göndərib gedər- gəlməzə, Adını yarıtmaz qoyurlar, Mədəd. Düşmüşəm səhranın qızmar çağına, Buradan baxıram Öküz dağına. Mərdləri çəkirlər şər ayağına, Çəkib dərisini soyurlar, Mədəd. Yetim Tapdıq deyər dönüb zamana, Doğru söz söyləsən, düşərsən qana. Dağlar betər batıb sisə - dumana, Cücəni payızda sayırlar, Mədəd. Qeyd: Öküz dağları Ağbaba ilə Gürcüstan respublikası sərhəd məntəqəsi arasındakı dağlardı. ( Qaranamaz kəndinin ( “Yeniyol” kəndi ) yuxarı hissəsindəki dağlar Öküz dağları adlanır. Söz tamama yetdi. Sərdar birdən dözə bilməyib dilləndi: -Yetm Tapdıq, deyən sən havalanıbsan nədi, Ağbabanın motalı, qaymağı, balı dillər əzbəridi, bəs aşığa sizlərdə necə hörmət edirlər? Yetım Tapdıq başını bulaya - bulaya dilləndi: Mədəd, görürəm buralar adamı deyilsən, bir sözlərimə yaxşı qulaq as. Yetim Tapdıq sazını kökləyib, aldı görək dübarə nə dedi: Ağbaba deyilən bir gözəl eldi, Hər yanı çəməndi, çiçəkdi, güldü. Böyüyü - kiçiyi çox əhli dildi, Indi bu vətənin adı qalıbdı! Ağbaba deyilən uzaqda qaldı, Tanrı verdiyini geriyə aldı. Fələk başımıza qarama saldı, İndi bu vətənin adı qalıbdı! Ağbaba deyilən Çıldıra yaxın, Eli pərən oldu bir yaxşı baxın. Xeyri nə fəryadın, nalənin, ahın, İndi bu vətənin adı qalıbdı! Yetim Tapdıq gözlərinin yaşını silib, dilləndi: Mədəd, sən qabağa düş, mən də dalınca gəldim. Bir az da gözləsəm, bağrım qana dönəcək. Aldı Mədəd: Dərd əyib qəddimi, sənə söylədim, Deyən tanımadın, ay Yetim Tapdıq. Səni qınamıram, çox qocalmışam, Olmuşam qocaya tay, Yetim Tapdıq. Yetim Tapdıq: Dərdimi artırdın, birim min oldu, Açdın ürəyimdə yüz baca, Mədəd. Amma danışırsan üstü örtülü, Burda sirri bizlərə kim aça, Mədəd. Mədəd: Bir zaman xan idım bu yerlərdə mən, Qəlbimi açırdı burda çöl – çəmən, Mən indi piranam, həm də dərd ərkən, Toyum dönüb olub vay, Yetim Tapdıq. Yetim Tapdıq: Səsin yanıqlıdı, xoşdu avazın, Nədən qışın getmir, açılmır yazın? Taleyin bəd gəlib, qaradır yazın, Sən ya bəzirgansan, ya xoca, Mədəd! Mədəd: Necə tanıyasan neçə il keçib Qəzanın qədəri qəlbimi seçib. Fələk ağ günümü ot kimi biçib, Istəsən dərdimi yay, Yetim Tapdıq. Yetim Tapdıq: Tanışlıq vermirsən, mat eləmisən, Özünü bizə sən yad eləmisən. Tapdığın canına od ələmisən, Dərd səni eyləyib bir qoca, Mədəd! Söz tamama yetsə də, Sərdar yenə söz deməyinnən qalmadı. Aldı Mədəd: Pünhan – pünhan çox dolandım, Sinəm üstü dərdə bax! Yağı basan, od vurulan Obaya bax, yurda bax! Dərdim çoxdu dəymə mənə, Od alıban yanıram; Müxənnətin dövranıdı, Axtar, ara sən mərdə bax! Yetim Tapdıq: Pünhanlarda dolanıbsan, Çox olubsan girdə bax! Nə tapıbsan xəlvətlərdə, Pünhan olan sirdə bax! Dərdim üstə dərd gətirdin, Oduma od elədin; Huş qarışdı, ağıl itdi, Ataş oldu sərdə, bax! Mədəd: Pərən – pərən olan ellər Harda pənah eyləyib? Qan ağlayan arvad – uşaq Gözündən qan ələyib! Yada əsr düşməkdənsə Qəfil ölüm diləyib. Türk deyilən adlı kişi Qaldı quru yerdə, bax! Yetim Tapdıq: El – obadan söz salıban Qəmi çəkdin ortaya. Müsibəti yada salıb Dərdi əkdin ortaya. Açdın hicran bazarını Mətah tökdün ortaya; Alıcıyam aldım deyin Qan ağlayan dərdə, bax Mədəd: Viran könlüm yaralıdı, Yarasını qanatma; Bu bir sirdi, mən nəçiyəm, Nə çarəyəm, can atma... Faş olacaq bu da bir gün Bir səbr eylə, unutma; Tanımırsan, nəzər eylə Üz-gözümə bir də bax! Yetim Tapdıq: Yetim Tapdıq yaralıdı, Bir yara da sən vurdun. Nə yaman tərs damarın var, Dediyin üstə durdun. Daha heyim qalmayıbdı Lap qanadım qırdın; Həqiqəti üzümə de, Çəkmə gözə pərdə, bax! Söz tamama yetdi. Amma Sərdarın daha səs – səmiri də cıxmadı. Artıq danışmaq yersiz idi. Çirtma vursan Sərdarın qanı tökülərdi, çünki Yetim Tapdıq onu tanımadı. Artıq gecə yarıdan keçmişdi. Səhərin ala, qaranlığında Sərdar xanı tərk edib, libasını dəyişərək Gümrü şəhrinin qırağında olan qoşun- ləşkərin yanına qayıtdı. Əsgərlər paşanı salamla qarşıladılar. Yüzbaşı irəli çıxıb paşanın nə əmr verəcəyini soruşdu. Sərdar dilləndi. Yüzbaşı andın nədir? Hamza. Sərdar: Hamza oğlum, adına qurban olum. Mustafa gələ bilməyəcək, qoşunu iki günə kimi döyüşə tam hazırla. Məqsəd-məramımız Ağbabadan başlayıb torpaqları yağılardan təmizləməkdir. Mənim isə iki günlük Gümrüdə görüləsi yarımçıq işlərim qalıb. Hamza: Oldu, paşam, baş üstə: “dedi”. Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı. Səkkizinci hissə Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı. Şəhərin bu başından vurub o başına, o başından vurub bu başına çıxdı. Ancaq Mustafa dediyi tək bağça birinci gördüyü rəhmətlik Nağdəlinin bağçasından başqa heç nəyi tapmadı. Çarəsiz qalıb bir də bağçaya yaxınlaşdı. Leyla qızıl güllərə su verirdi. Ədəb-ərkanla Leylaya salam verdi. Qızım, bir fincan mənə su verərsənmi, ciyərim yanır. Leyla su gətirəndə gördü ki, dərviş qızıl gülləri iyləyib nə isə öz-özünə danışır. Gözlərindəndə yaş sel kimi gedir. Bağça həmin bağça, güllər həmin güllər, fincan həmin fincan, amma qızım sən çox cavansan axı. Adın nədi? Leyla. Hə, Mustafa dediyi qız demək sənsən. Ay baba, bağrımı yandırma, sən Allah de görüm Mustafaya nə olub? Heç nə, qızım, qorxub eləmə. Mustafa Ağbabada yağı düşmənlərlə qızğın döyüşə girişib, özü də mənə dedi ki, Leylaya deyərsən ki, bir həftəyə kimi onu mütləq görəcəm. Bax bu altun həmayılı da sənə göndərdi. Leyla:- Sağ ol, ay baba, bu nə gözəl boyunbağıdı. Keçın içəri bir fincan cay için. Sərdar: Sağ ol qızım, su içdim, ürəyimin közü yatdı. Leyla: Baba, mən dərvişləri deyib - gülən görmüsəm, sənin isə iki gündü ki, göz yaşın sel təki axır, axı sənə nə olub? Sərdar: Qızım mən çəkən dərdi Allah düşmənimə də qismət eləməsin. Mənim üzüm qiyam, qiyamətda güləcək. Qızım yaralarımı qoparma, qulaq as, gör nə deyirəm. Aldi görək bu dəmdə Sərdar nə dedi: Başına dondüyüm gül üzlü Sonam, Mən yandım, sən yanma, gül, bu yanda dur. Yanıb viran olub məhəbbət bağım, Bağıma qar yağıb,gül, bu yanda dur. Güllü baxçalara küləklər əsir, Sünbülün bağrını sarmaşıq kəsir. Mənə dərd verməyə fələk tələsir, Az qalır lal olsun dil, bu yanda dur. Taleyim tərs gəlib, bəxtim dönübdü, Bacam basılıdı, ocaq sönübdü. Dərvişin bəlası göydən enibdi. Axir gözlərimdən sel, bu yanda dur! Söz tamama yetsədə, Leyla dərvişin dediklərindən heç nə başa düşmədi. Bu dəmdə icəridən Nazdı xanımın səsi gəldi. Ay Leyla, o nə səs küydü. Leyla gülə - gülə içəri qaçdı. Ay ana, Mustafadan xoş müjdə gəlib. Sona xanım dərvişə çörək vermək məqsədi ilə çölə çıxdı, amma heç kimi görmədi. Artıq Sərdar oradan uzaqlaşmışdı. Qayıdıb kor - peşman bağçaya girəndə gördü ki, bağça lalələrlə doludur. Leyla əlindəki altun həmayili anasına göstərərək dedi: Ana, bu da Mustafanın mənə hədiyyəsidir, dərviş ilə göndərib. Altun həmayılı görən Sona xanım huşunu itirib bağçaya yıxıldı. Üç gün üç - gecə huşsuz vəziyyətdə yerindən dura bilmədi. Qanlı Alı Sona xanıma nə oldu deyib, fırfıra kimi fırlanırdı. Nazdı isə öz-özünə deyinirdi. Ay kişi, iki gündür ki, bizim evə bir dərviş gəlib gedirdi özünü də çox pis aparırdı, üstəlik hələ bizə də atmacalı sözlər də dedi. Başı batmış Leyla onu içəri çağırıb, güya gəlib anasına deyib ki, deməzsənmi dərviş Mustafadan müjdə gətirib. Sona o altun həmayılı Leylanın əlində görəndə halı pisləşib yerə yıxılıb. Sona yatağa düşməkdə olsun, sizə kimdən danışım Sərdar paşadan. Sərdar Gümrüdən ayrılan kimi qoşunun yanına gəldi və əmr verdi ki, artıq vaxtdır, düşmənlərin üstünə gedirik. Sərdar: Mənim qoç igidlərim, mənim balalarım, biz yağı düşmənlərin üstünə gedirik, gərək bu döyüşlərdən üzü ağ çıxaq. Mənim aslanlarım, körpələrə, qadınlara, yaşlılara əl qaldırmayın. Məni yaxşı - yaxşı dinləyin, mənim balalarım, əgər mənim başıma bir iş gəlsə, məni gülə - gülə Gümrüdə dəfn edin, bu mənim sizlərə son vəsiyyətimdi. Sonra Sərdar sazı başının üstünə qaldıraraq, aldı görək nə dedi. Ərəsət günüdür, qoç igidlərim, Düşmənlər əlində daş oynatmasın. Mərdin qabağına çıxmasın namərd, Müxənnət sevinib qaş oynatmasın. Qara zurna çalır döyüş cəngini, İgidlər oynayır millət səngini. Əzin igidlərim düşmən əngini, Başsız qalan kafir baş oynatmasın Ey Allah sən yetiş mərdin dadına, Qoy xətər gəlməsin Sərdar adına. Onun sorağına, onun adına, Gələnlər gözündə yaş oynatmasın. Yüz minlik bir qoşunun tərpənişi, təbillərin səs küyü, at kişnəməsi bütün Gümrünü ayağa qaldırdı. Gümrüdən çıxan qosun Ağbabadan başlayaraq düşmənləri qova, qova Çuxur Səd ətrafı düzənlikdə dayandı. Beləliklə, məqribdən - məşliqə qədər uzanan qədim Türk yurdunun bütün torpaqları yağılardan azad olundu. Qoşun yenə gəlib Gümrünün kənarındakı düzənlikdə dayandı. Sona xanım üç gündən sonra ayıldı. Qanlı Alının əl ayağına düşüb yalvarmağa başladı: Alı qardaş, qurbanın olum. Bu altun həmayil mənim ərim Sərdarın yeganə nişanəsidir. Biz evlənəndə mən onu Sərdara vermişdim. Tez ol məni o dərvişin yanına apar. Qanlı Alı əl altından adamlar göndərib öyrəndi ki, həmin dərviş Gümrüdən qayıdandan sonra gedib Gümrünün kənarındakı əsgərlərə qoşulub gözdən itirmiş. -Hə əzizlərim, Allah sizləridə xoşbəxt eləsin, ilan yerisin balası da dalınca. Qanlı Alı Sona xanımıda götürüb qoşunun dayandığı yerə gəldilər.Yüzbaşı Hamza onları qarşılayıb öz cadırina götürdü. Hamzaya aydın oldu ki, qanlı Alının şəxsən paşaynan görüşmək fikri var. Sona xanım çadırda qaldı. Yüzbaşı isə qanlı Alını paşanın hüzuruna gətirdi. Sərdar ədəb - ərkanla qanlı Alını qəbul etdi. Ancaq nə Sərdar nə dəki qanlı Alı bir birini tanımadı. Sərdar Alının nə iş üçün gəldiyini soruşdu. Qanlı Alı yalana əl atıb söhbətini belə başladı: Paşam sağ olsun, bizim evi bir dilənçi dərviş talayıb, onu tapmaqda sizin köməyiniz lazımdı. Sərdar: -Ay kişi, axı dərvişlərdən dilənçi olmur? Qanlı Alı: Paşam sağ olsun, qoy sən deyən olsun, amma məndə belə bir məlumat var ki, bizim evi talayan dərniş bizdən çıxıb, özünü sızın qoşuna vurub. Sərdar o dəqiqə barmağını dişlədi, deməzsənmi bu namərd kişi mənə böhtan atır. Qabağa yemək gəldi. Ancaq Qanlı Alı durub gedəcəyini bildirdi. Paşam sağ olsun, mənim əmanətim sizin əsgərlərin yanındadı, qorxuram onu da oğurlayalar. Elə bil Sərdarın başına qaynar su tökdülər. Sərdar hirslə üzünü yüzbaşıya tutub dedi: Yüzbaşı Hamza, özünlə bir cəngavər götür, bu kişinin əmanətini göz bəbəyi kimi qoruyun. Amma buna öz başınla cavab verirsən ha. Di haydi. Sərdar yenə üzünü qanlı Alıya tutaraq dilləndi: Hə, kişi, indi ürəyin yerinə düşdümü? Allah verəndən bir qismət ye, səhər o başdan gəl yanıma, əgər o dediyin dilənçi dərvişi burada tanıyıb tapsan, onun başını şəxsən öz əlimlə vuracağam. Hamza paşanın qılınc tutanlarından birini, yəni Hasanı götürüb Sona xanım qaldığı cadırı göz bəbəyi kimi qorumağa başladı. Sona xanım içəridə oturub qanlı Alının yolunu gözləyirdi. Çəngavərlər isə bayırda şirin- şirin söhbət edirdilər. Birdən Hasanın gözü Hamzanın qolundakı bilərziyə sataşdı. Yüzbaşım, nə gözəl bilərziyiniz var? Cavan oğlan, bu bilərzik mənim valdeyinlərimin yeganə nişanəsidi. Bircə o yadımdadı ki məni sel apardı, Qasım adlı rəhmətlik bir kişi məni sudan tapıb öz oğlu kimi böyütdü. Allah o kişiyə rəhmət eyləsin. Bundan başqa heç nə yadımda qalmayıb. Hasan kədərli-kədərli dilləndi: Mənə baxanda, sənə min şükür. Yüzbaşım mən də sənin kimi yetim olmuşam. Dağlarda qoyun otarmaqdan bezmişdim, çünki qurdlardan çox qorxurdum. Çobanlar deyirdilər ki, səni qurdun ağzından güclə almışıq. Zalım uşağı mənə yaman əziyyət verirdi. Bu dəmdə Sona xanım qışqıra - qışqıra çölə çıxdı: - Ay bala, o bilərziyi bir mənə göstər. Hamza tez bilərziyi qolundan çıxarıb Sona xanıma verdi. Ay bala, artıq gözüm heç nə görmür, o bilərziyin üstündə sonra nə var. Ana, bilərziyin üstündə “Hamza” sözündən başqa heç nə yoxdu. Bu sözləri eşidən Sona xanım “Hamzam, Hasanım”, “oğlanlarım” deyib cəngavərləri qucaqladı. Hamza qadına nə isə söz demək istəyirdi gördü ki, qadın onların qolları arasında ozündən gedib huşunu itirib. Hamza gər bir səslə iki nəfər əsgəri yanına çağırdı. Əskərlər, mən içəri keçirəm, nə badə çadıra bir nəfər buraxasınız, deyib qadın qucağında Hasan da yanında çadıra girdilər. Hannan - hana Sona xanım ayıldı və bu dəmdə görək nə dedi. Qalmışam gözü yollarda, Halım necə yaman idi. Yolu- izi seçəmmirdim, Dağlar betər duman idi. Ağlamaqdan kor olmuşdum, Öz – özümə xor olmuşdum. Eşitmirdim, kar olmuşdum, Qəlb sızlayan kaman idi. Ölürdüm, ölə bilmirdim, Qərara gələ bilmirdim... Göz yaşım silə bilmirdim, Zaman betər zaman idi. Qocalmışam qəm əlində, Sizin adınız dilimdə. Gəlib tapmırdı ölüm də, Dərdim həmən – həmən idi. Söz tamama yetsə də Sona xanımın sinəsi söznən doluydu. Balalarını duz kimi yalıyannan sonra yenə aldı görək nə dedi. Adınıza qurban olum, Ananızam, balalarım! Hamza, Hasan canım-gözüm, Ananızam, balalarım! Neçə ildi dərd çəkmişəm, Qamət əyilib, çökmüşəm. Qədərə boyun bükmüşəm, Ananızam, balalarım! Saralmışam, çox solmuşam, Sonayam, qarı olmuşam. Sərdarın yarı olmuşam, Ananızam, balalarım! Söz tamama yetən kimi Sona xanım başına gələn əhvalatları oğlanlarına danışdı. Hər üç həsrətli bir-birinə qovuşdu. Amma Sona xanım durub dicəlmək bilmirdi. Gözlərinin yaşı sel kimi damırdı. Hamza işi belə görüb dilləndi: -Ay ana, şükür Allaha səni sağ- salamat gördük. Bəs niyə ağlayırsan. -Gözlərimə inana bilmirəm, balalarım. İyirmi il ayrılıqdan sovra ovladlarının yolunu gözlədiyi ana həsrətlilərinə qovuşanda sevindiyinnən ağlamazmı? Bu dəmdə Sona xanım cuşa gəlib, görək oğlanlarına nə dedi: Sevincdən bilmirəm necə eyləyim, Barı bir doyunca qoyun ağlayım. O ötən günləri, gözəl anları, Mən anım, sizlər də sayın, ağlayım. Gözü kor etmişəm, qulağımı kar, Üzülüb ürəyim, canda taqət var? Yediyim, içdiyim olub zəhrimar, Mətimi hər yana yayın, ağlayım. Sonayam dərdimə bulundu çara, Daha yas tutmaram, geymərəm qara. Bitişdi, çox şükür, qövr edən yara, Siz məni ən xoşbəxt sayın, ağlayım. Söz tamama yetər - yetməz Sona xanım aldı dübarə görək nə dedi: Hər darda qalanın dadına yetdin, Sənin kərəminə şükür, Allahım! O qədər şənəm ki, bu xoş günə mən, Başıma gülləri tökür Allahım! Darda sığınmışdım sənin kölgənə, Ümüdüm səndəydi dərd artsa yenə. Axır qara gündən çıxdım, ağ günə, Yox oldu dərd – bəla, fikir, Allahım! Ayrılıq oduna çox yandı canım, Sona deyir; gülzar oldu yanım. Gərək başınıza dönüb - dolanım, Min şükür rəhminə, şükür, Allahım! Söz tamama yetən kimi Sona xanım təkrar balalarını duz kimi yalamağa başladı. İndi sizə kimdən danışım, Qanlı Alıdan. Qanlı Alı paşanın yanından çıxıb Sona xanımın qaldığı çadıra gəldi. Ancaq çadırın qarşısındakı əsgərlər onu içəri buraxmadılar. O, əsgərlərdən içərdəki qadını soruşdu. Əsgərlərdən biri dilləndi: Babam, o qoca qadınımı soruşursan? Hə bala. Babam o qoca qadını yüzbaşı özü ilə Gümrüyə apardı, vəssalam. Qanlı Alı Gümrüyə qayıtdı. Şəhəri bir az o baş - bu baş gəzəndən sonra, öz evinə gəldi. Üzünü Nazlı xanıma tutub dedi: Ay Nazlı, Sona xanıma denən ki, hələlik o dərviş tapılmayıb, mən səhər açılan kimi bir də paşanın yanına gedəcəm, deyən kələfin ucunu tapmışam, narahat olmasın. Nazlı: Ay kişi, sən nə danışırsan, nə Sona, nə zad, o səninlə gedəndi, geri qayıtmayıb axı! Qanlı Alı başı alovlu evindən çıxıb qoşun olan yerə gəldi. Çadırın qarşısında duran əsgərlərə heç nə demədən birbaşa çadıra daxil oldu. Nə, görsə yaxşıdı!? Gördü ki, hər iki cavan oğlan hərəsi Sonanın bir tərəfinə uzanıb, başlarını da Sonanın sinəsinə sökəyiblər. Sona da qollarını açıb onları möhkəm-möhkəm qucaqlayıb. Hər üçü elə yatıb ki, dünya yansa, bunların bir xorum otu yanmaz. Qanlı Alı çadırdan çıxıb qışqıra-qışqıra paşanın çadrına yaxınlaşdı. Sərdar paşa isə gecə yarıdan keçməsinə baxmayaraq yatmamışdı. Paşa Qanlı Alnı qan-tər içidə görüb dilləndi: Nə olub, nə qışqırırsan, dünya yandı, nədı? Qanlı Alı: Allah sənin evini yıxsın, paşa, evimi yıxdın, hələ get bax sənin əsgərlərin mənim əmanətimə xəyanət elədilər. Sərdar: Bu kafir nə danışır? Haydi əsgərlər, hər üç kafiri cəld bu meydana gətirib və hər üçünün başını elə mənim gözlərimin qarşısında buradaca vurun. Əsgərlər yüzbaşı Hamzanı, Hasanı və Sona xanımı sürütdüyə - sürütdüyə meydana gətirdilər. * * * == Rəvayətlər == Telli Qarı Bir gün Mahmud ağa qapıda durmuşdu. Əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Birdən xeyli uzaqlarda bir atlı görüb xeyli təəccübləndi: – Bu atlı kimdi belə? Hər kimdisə mənim yanıma gəlir. Qoy gəlsin. Bu keçdi içəri. Aşıq Heydər dedi: – Ay Mahmud ağa, sən sözlü adama oxşayırsan. – Baxdım, bir atlı gəlir. İndicə burya gəlib çıxar. Qoy hələ gəlib çatsın bir, ondan sonra kimdi, nəçidi, bunu da onun özündən öyrənərik. Elə bu vaxt qapıda at kişnədi. Az keçmədi ki, ucaboy, arıq bir arvad içəri girdi. Aşıq Heydər təəccüblə arvadın belindəki tapança və xəncərə baxdı. Arvad ədəblə Mahmud ağaya salam verib dedi: – Mahmud ağa, nəyə gəldiyimi bilirsənmi? – Mən hardan bilim, a Telli qarı? Sən deyərsən, biz də bilərik. – Bu Yastı Alı yaman qudurub ha! Sınıqda özünü padşah hesab edir. İndi nə eləyim ki, mən ondan kasıbam. And olsun Allaha… Üç dəfə qapısına elçiliyə getmişəm. Ağzına gələni mənə deyib. Elə şeylər istəyib ki, qalmışam mətəl. Ay bunun başı batsın, adını da kişi qoyub. Yurdunda bir qız var da… Mən onun qarayandı qızına elçi düşürəm gədənin xatirinə, o da özünü götürüb dağın başına qoyur. Daha demir Telli qarı da Yayçı qızıdı. Cinləndirərsən, qızı basar atın tərkinə. Hünərin var, gəl üstünə. Səni qoyar yana-yana. Bu belə deyəndə Aşıq Heydər maraqla Telli qarıya baxdı: – Səndən nə istəyir, onu deməzsənmi? Mahmud ağa da bu sözləri eşidəndə razılıqla başını tərpətdi: – Aşıq Heydər düz deyir. De görək Yastı Alı səndən nə istəyir? Mahmud ağa da belə deyəndə Telli qarı Mahmud ağanın beşaçılanını sinəsinə basıb bir o yana, bir bu yana gedib görək burda nə dedi. Biz deyək, siz də sağ olun: İyimri qoç istərəm, yanında şişək, On can yunlu qoyun-yunu bir döşək, Maya dəvə gətir, yanında köşək, On batman yağ, düyü, qəndlə çay gətir. On dəst paltar lazım təzə gəlinə, «Yoxumdu» sözünü alma dilinə, Qızıl kəmər gərək qızın belinə, Qohuma-qardaşa yaxşı pay gətir. Vəznəli çuxadan bir beşi bəsdi, On beş donluq gətir, durma, tələs di, Çoxmu şeylər dedim – dodağın əsdi, Xonçalar hazırla, bizi say gətir. Yaxşı yükünü tut tirmədən, şaldan, Beş cöngə də ayır heyvandan-maldan, Daha nə lazımdı deyərəm daldan, Tutursan özünü mənə tay – gətir! Qanını qaraltma, a Telli qarı, Mənə nə, taparsan haradan varı, Bu elə-obaya salma havarı, Yuz də qızıl beşlik bura say gətir. Söz tamama yetən kimi Aşıq Heydər dedi: – Telli qarı, sən lap şairsənmiş ki! – İndi onun yeri deyil. Gəlmişəm ki, Mahmud ağa bu işi yolun qoysun. Qoymasa, mən bilərəm, o Yastı Alı bilər. – Yaxşı, yaxşı. Mahmud ağa gülümsündü. Bu sərt təbiətli adam mərd adam görəndə yumşalırdı. İndi də belə olmuşdu. Çünki Telli qarının hərəkəti xoşuna gəlmişdi. Odur ki, Aşıq Heydərdən soruşdu. – Aşıq Heydər, sən bu işə nə deyirsən? – Ağa, Telli qarı bu qapıdan narazı getməməlidi! – Bu saat o yastı əclafı bura çağırtdıracağam. Ona kimi ortaya süfrə salındı. Yeyib-içdilər. Aradan bir az keç-məmiş içəri ortaboylu bir kişi girdi. Kişi qorxa-qorxa Mahmud ağaya salam verdi, içəridə Telli qarını görəndə boğazı qurudu. Mahmud ağa acıqlı-acıqlı dilləndi: – Yastı Alı, deyəsən ağlını itirmisən. – Ağa, ağa… – De görüm, Telli qarının dedikləri düzdürmü? Sən bir bu qədər şeymi istəyirsən? – Elə sözgəlişi dedim. Telli qarı da şair adam… Və mən toydan ötrü bir şey istəməyim? – Belə de… İndi sən Aşıq Heydərə cavab verə biləcəksənmi? – Yox, yox, mən hara, o hara?! Yenə insaf-mürvət səndədi, Aşıq Heydərə qalsa, evim yıxılacaq. – Mən bitlmirəm, Aşıq Heydər, istədiyini istə bundan. – Ağa, bu, Telli qarıdan nə istəyibsə, onun hamısını özü hazır eləsin. Xeyir işi gecikdirmək olmaz. Qaldı o yüz beşlik qızıl. Onu da Yastı Alı sayıb versin Telli qarıya. Bunu eşidəndə Yastı Alı yerində qurcalandı: – Ay Aşıq Heydər, bu, heç olmadı. Sən mənim evimi yıxmaqmı istəyirsən? – Bəs sən bu deyilənləri Telli qarıdan istəməmişdinmi? İstəmişdin! İndi özün ver görək. – Ay Mahmud ağa, Aşıq Heydər göz görə-görə Telli qarının tərəfini saxlayır. Axı… Mahmud ağa yenə gülümsündü: – Yastı Alı, daha mənlik iş qalmayıb. Buna Aşıq Heydər baxır. O nə desə, onu eləməlisən. – Ona ki qaldı, nə istəsə, onu da alacaq. Aşıq Heydər məzəynən Yastı Alıya baxıb əlini-əlinə vurdu: – Utanmırsan heç? O qədər var-dövləti öləndə arxanca gor evinə aparacaqsan? Yox. Daha niyə sızıldayırsan? Nə deyim… nə demişəm, ona əməl elə. Allah xeyir versin. Nə təhər olur? Elə istəməyin belə də qaytarmağı var, daha dalına hay-havar salma. Mahmud ağa əlini cibinə salıb bir çəngə yüzlük çıxardı verdi Telli arvada: – Al bu pulu, toy xərci elə. Amma Aşıq Heydərin dediyi şərt qalır. Üç günə kimi toy başlamalıdır. İndi gedin toya hazırlaşın. Toy günü Aşıq Heydər də, mən də gələcəyəm. Telli qarı da, Yastı Alı da onlarla sağollaşıb getdilər. Üç gündən sonra toy oldu, Telli qarının arzusu yerinə yetdi. * * * Aşıq Heydərin Axırkələk səfəri Bir gün Aşıq Heydər oturub qəlyan çəkirdi. Birdən arvadı Yetər tələsik içəri keçdi: – A kişi, bir nəfər cavan, boylu-buxunnu oğlan gəlif, amma nə qədər elədim içəri gəlmir. – Ay arvad, kimdi, nəçidi? Bə demirmi? – Vallah, heç nə demir. Amma ustad deyif durur, bu kimdi – bilmirəm. – Eh, sən nəyi bilirsən ki! Aşıq Heydər hirsnən qalxdı ayağa, qapıda duran oğlanın əlindən tutuf çəkdi içəri. – Yetim Ləvənd bala, bu neçə ildi harda qalıbsan? – Ustad, nə deyim, vallah … Aşıq Heydər qəlyanını bir də doldurdu. Dalbadal bir neçə qüllab alandan sonra bir də Yetim Ləvəndə baxdı, ürəyi yandı. – Ay bala, necə düşüfsən? Nər kimi oğuldun, bu nə işdi? Yetim Ləvənd başını saldı aşağı. – İndi dərdini mənə deməyəcəksənmi? – Ustad, bilmirəm nə təhər deyim. – Nə təhər deyirsən, de. – Eşq atəşi yandırdı məni, amma… Molla Qara insafa-mürvətə gəlmir. – Bu dediyin Axırkələkli Molla Qaradı? – Ustad, sən onu tanıyırsan? – Tanıyırsan da sözdü! Mən ha bu molla tayfasından qaçıram, amma… Bilirəm, mənsiz işin aşmayacaq, Molla Qaranın üzü qara olsun. Yaman müşkülə salacaq bizi. İndi nə deyirsən, onun yanına elçiliyəmi gedək? – Sən bilən məsləhətdi. – Yaxşı, de görüm bu Molla Qaranın neçə övladı var? – Bir oğlu, bir qızı var. Oğlunun adı Hümmət, qızının adı Bəyazdı. – Bəyazdı? Aşıq Heydər həyəcanla ayağa qalxdı, yenə əyləşdi, kişinin dili-dodağı əsdi. – Vay-vay, ay Yetim Ləvənd, sən mənim lap dinimi-imanımı yandırdın! – Axı mən… – Danışma, qoy öz dərdimnən ölüm. Yetim Ləvənd təəccüblə Aşıq Heydərə baxdı, amma ustadının bu narahatlığınan heç nə qanammadı. Elə bu vaxt içəri Məşədi Rəcəb gəldi. Salam verib bir Aşıq Heydərə, bir də qonağa baxıb başını buladı. – Ay Heydər, bu nə qaş-qabaqdı səndə. Özgə vaxt olsa… Qonağın yanında. – Əşi, sən bir əyləş. İş başqadı. Bu oğlan Yetim Ləvənddi, işi bir az dolaşığa düşüb. – Nə kömək lazımdı, eləyim. – Yox, yox, əşi, sən hirsli adamsan. Bu işi bir az da dolaşdırarsan. – Axı bu nə işdi belə? – Axırkələkli Molla Qaranın yanına getməliyik. – Molla Qaradan mənim zəhləm gedir, təpəsindən bir güllə əksikdi. – Başına dönüm əmi, bu işi mən özüm həll edərəm. – Onda Axırkələyə gedəndə orada mənim Dəli Durmuş adlı bir dostum var, çətinliyiniz olsa, ona deyərsiniz. – Yaxşı, Ləvənd, dur gedək. – Ay kişi, qonaq bəlkə acdı. Yetər arvad belə deyəndə Aşıq Heydər acıqlandı: – Bəs bayaqdan niyə ortaya bir şey qoymursan? O saat ortaya yemək-içmək gəldi. Yeyib-içəndən sonra Məşədi Rəcəb dedi: – Heydər, necə bilirsən, elə də elə. Sizə yaxşı yol. Bəli, Aşıq Heydərnən Yetim Ləvənd yola düşdülər. Gəlib Axırkələyə çatan kimi Molla Qaranın evinə gəldilər. Molla Qara Aşıq Heydəri görəndə boğazı qurudu. Elə can dərdi bunları qonaq elədi. Qonaqlar bir tərəfdə əyləşdilər, amma Aşıq Heydər qəlyanını doldurdu, bir-iki qüllab alıb sufra hazırlayan qızlara baxdı, nə fikirləşdisə dedi: – Molla Qara, sən yaxşı bilirsən ki, sənin qapına niyə gəlmişəm. – Niyə gəlifsən, o öz işindi, amma mənim qonağımsan. – İndi bu beş qıza bir söz deyəcəm. – Ay Aşıq Heydər, mən molla adamam, mənim evimdə Quran oxunur, bura aşıx-zad yığnağı deyil. – Mən də sənin kimi molla deyiləm, mollalardan da xoşum gəlmir. Allaha da qurban olum, müqəddəs Qurana da. Qansan indi deyəcəyim sözlər də bir hikmətdi, əgər anlasan… Görək burda Aşıq Heydər götürüb nə dedi: Sallana-sallana gələn gözəlin, Dördü qahqah çəksin, biri ağlasın. Bir azca toxdasın, gəlsin özünə, Verməsin özgəyə sirrin, ağlasın. Çıxarsın qaranı, geyməsin qara, Qara olan salıb onu azara. Al-yaşıl geyinib çıxsın bazara, Dərdi olan gəlsin bəri, ağlasın. Aşıq Heydər deyər hər vaxt gördüyün, Kor olsun düz işə salan kor düyün. Allah qismət etsin barı toy-düyün, Adını deyirəm Pəri ağlasın. Söz tamama yetdi, amma Molla Qaranın az qaldı bağrı çatlasın. Öz-özünə dedi: «Əyə, bu Aşıq Heydər bilicidi, nədi. Bu nə bilir Pəri kimdi, mən oğlumu bazara yollamışam? Yox, bu betər adamdı, yaman pis yerdə ilişdim». Elə bil Aşıq Heydər Molla Qaranın ürəyindən keçənləri oxudu. Odur ki, yenə sözə başladı: Çoxdan ürəyində tutmuşdun məni, İndi ki, gəlmişəm çıx meydanıma. Aslansan, pələngsən, filsən, kərkədan, Betər alov kimi ax meydanıma. Qəlbini yandırır kinin, küdrətin, Caduda, pitikdə çoxdu qüdrətin, Sən bilən deyilsən qədir-qiyməti, Gurla ildırım tək, çax meydanıma. Mən Aşıq Heydərəm, sığınnam haqqa, Şeytansan, olsa da başında cıqqa, Qapına gəlmişəm, çıxarma hoqqa, Yaxşı nəzər yetir, bax meydanıma. Söz tamama yetdi, amma yenə Molla Qaranın halı betər dəyişdi. Özünü birtəhər ələ aldı: – Aşıq Heydər, sən bir yaxşı adamsan, üstəlik də qonağımsan. Gəl bir-birimizin xətrinə dəyməyək. Molla evində sazın, sözün nə işi? Bu mənim qəlbimə dəyir axı. – Eləmi? – Bəli, bəli. – Onda qulaq as. Sözün ziyanı yox, sazım ondan çox, Sənətkar görəndə xoflanma bir də. Sərraf adamsansa, düz gözümə bax, Sözümdə gövhər var, inci də, dürr də. Sənətkar sayılmaz yoldan ötən, bil, Haqqa biz də quluq, köləyik, sən bil, Korsan, ya görmürsən, sil, gözünü sil, Məni azca söylət, dindir bu yerdə. Sənə qənim olmaz haqqın sahibi, Şeytanlıq puluyla doldurma cibi, Bu Aşıq Heydərin budur tələbi, Boz üzün göstərmə mərd oğlu mərdə. Söz tamama yetdi: Molla Qara ha özünü ələ almaq istəsə də bacarmadı. Qaşlı-qabaqlı dedi: – Aşıq Heydər, bayaq dedim, yenə də deyirəm, sən aşıqsan, mən mollayam… Sənnən mənim sözüm tutmaz. Bu qədər yolu nahaq gəlifsən. Üstəlik, mənə də ağzına gələni deyirsən. Qonaqsan deyə başqa söz deyə bilmirəm. Bir də hələ tezdi… Qoy biz də bir fikirləşək. Bu belə deyəndə Aşıq Heydər hirsli-hirsli qəlyanını doldurdu. Bir-iki qüllab alandan sonra görək burada nə dedi: Nə vardan qorxum yox, nə də ki, puldan, Mərdlik adətimdi, bilnən, a molla. Xeyir işdən ötrü tökmə qaş-qabaq, Bizimlə bir yola gəlnən, a molla. Nəyi bəyənmirsən, açıq söylə gəl, Bu, Allah işidir, yoxdu bir əngəl, Kişisən, kişi ol, mənə qurma pəl, Bir dodağın qaçsın, gülnən, ay molla. Bu sözü eşidəndə molla lap dəli oldu. – Dəli-zad deyiləm ki, nəyə güləcəm ki? Aşıq Heydər ona tərs-tərs baxıb aldı sözün möhürbəndini: Niyə qaradasan, əzizin ölüb? Sənin qaş-qabağın bizəmi qalıb? Aşıq Heydər sənin mətləbin bilib, Ya qızı ver, ya da ölnən, a molla. Söz tamama yetdi, amma Molla Qara hirsindən-hikkəsin-dən qapqara qaraldı, amma dillənmədi. Aşıq Heydərin sinəsi də-mirçi körüyü kimi qızmışdı. Odur ki, dedi: – Molla, sənə bir sözüm də var, qulaq as: Dillərə salaram səni, Od tutarsan, Molla Qara. Xəstə olub sürünərsən, Çox yatarsan, Molla Qara. Başın dəyər neçə daşa, Huşun itər, ağlın olmaz, Düşərsən tozlu yollara, Dərd satarsan, Molla Qara?! Mollalardan xeyir gəlməz, Neçə-neçə görmüşəm mən, Üz-üzə gəlmişəm, neynim, Paylarını vermişəm mən El içində ad-sanım var, Məclisimi qurmuşam mən. Mən atlıyam, piyadasan, Sən çatarsan, Molla Qara. Cıdır, Ağbaba, Qağızman, Qarsdan belə gəzən mənəm. Şirin-şirin söhbətləri, Nizamlayıb düzən mənəm. Dərin-dərin dəryalarda, Qəvvas kimi üzən mənəm. Üzmə şərin ümmanında, Tez batarsan, Molla Qara. Söz tamama yetən kimi Aşıq Heydər yerindən qalxdı ayağa: – Molla Qara, mən sənə dediyimi dedim, gəl inad eləmə. – Yox, Aşıq Heydər, mən hələ düşünməliyəm. – Onda bu gecə düşün, mən gedirəm. – Axı… – Yox, yox… Mən sənə qonaq ola bilmərəm. Əlbət, bir adam tapılar… Aşıq Heydər, dalınca da Yetim Ləvənd eşiyə çıxdılar. Bunlar Dəli Durdunun evini xəbər alan kimi göstərdilər ki, filan evdi, getdilər oraya. Dəli Durdu onları çox mehribanlıqla qarşıladı. İşin nə yerdə olduğunu öyrənəndə, dəli beyni qızmadımı: – Yox, bu Molla Qara lap ağ elədi. And olsun Allaha, onun atasını yandıracam. Ona divan tutmasam, bu bığlarını da qırxdıracam, adını da dəyişdirəcəm. Aşıq Heydər işi belə görəndə, əlini yellədi: – Yox, belə olmaz, Dəli Durdu. Bir gör mən hələ nə deyirəm. Bu belə deyəndə Yetim Ləvənd də, ev sahibi və çox maraqlandılar. Aşıq Heydər qəlyanını doldurdu: – Sabah Molla Qaranın özü adam yollayacaq buraya. Dəli Durdu, sən heç hirslənib eləmə. Ağama daxıl düşmüşəm, səbr elə. Dəli Durdu qonaqlarını yaxşı ağırladı. Yeyib-içəndən sonra bir az oradan, bir az buradan söhbət eyləyib, başlarını atdılar yerə. Amma ilan vuran yatdı, biçarə Yetim Ləvənd yatmadı. İndi görək Molla Qaranın başına nə gəldi. Mollanın adamları onun başına yığışıb dedilər: – Sən çox səhv elədin, qapına gələn qonağı narazı yola saldın. – Lap əcəb elədim. Görmürsünüz, mənə ağzına gələni dedi. Bunların içində Uzun Əjdər adında biri vardı. O dedi: – Molla Qara, bu səhvin altını çəkəcəksən. Bə sən bilmirsənmi, Aşıq Heydər haqq aşığıdı. Bir o qədər söz dedi, heç qanmadın. O nə bildi Pəri kimdi, nəçidi – bu bir. Niyə bazarı işarə eləyib keçənləri üzünə dedi – bu dörd. Pulunun hardan gəldiyini söylədimi – bu beş. Yenə deyimmi? – Daha nə dedi? De görək. Molla acıqlı-acıqlı Uzun Əjdərə əlini yellədi. O, yerindən dik qalxdı: – Mən daha heç nə demirəm. Bir də onu deyirəm, Aşıq Heydər gedəndə sənə xəbərdarlıq elədi. Amma sən onu eşitmədin. Daha nə deyim? O, qapını vurub çıxdı, adamlar da öz sözlərini dedi. Molla Qara baxdı ki, gecə yarıdan keçib, amma yuxusu gəlmir. Amma elə candərdi arvadına dedi: – Arvad, yerimi sal. Bu Aşıq Heydər ovqatımı yaman korladı. Arvad yeri açan kimi bu tirləndi yerə. Az keçmədi ki, onu yuxu tutdu. Azmı yatdı, çoxmu yatdı. Sabaha yaxın ayıldı ki, qan-tər içindədi. Dikəlib yerin içində oturdu. Gördüyü dəhşətli yuxudan hələ də vahimə içində idi. Bədəni əsə-əsə arvadına dedi: – Ay arvad, bu nə işi idi mənim başıma gəldi? – Nə olub ki? – Yuxuda məni az qala boğub öldürürdülər… – Əşi, yuxudu da… – Yox,yox… dönə-dönə xəbərdarlıq elədilər: Gedib Aşıq Heydəri razı salmasan vay sənin halına! Dur sən evi qaydaya sal, mən də Aşıq Heydərin dalınca adam yollayım… Bəli, Aşıq Heydəri çağırdılar. O, Dəli Durduynan, Yetim Ləvəndnən gəldi. Molla Qara Aşıq Heydərdən üzr istədi, çonra xeyir işə razılıq verdi. O günün sabahı toy başladı. Toyu Aşıq Heydər keçirdi. Bu əhvavlat da o vaxtdan dillərə düşdü. * * * Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması Deyirəm bu söhbəti danışmamışdan qabaq bir-iki ustad kişiyi öz sözləriylə yada salaq, yenə söhbətimizə davam eləyək. Amma o sözlər ki, qəriblikdən, ayrılıqdandı… Çünki indi xeyli vaxtdı biz yurddan-yuvadan ayrı düşmüşük. Gərəkdi ki, bizim bu hal-əhvalımıza uyğun söz deyilsin. Xüləsə, deyirəm qabaqca Yetim Əsgərdən bir söz deyək, ruhu şad olsun. Müxənnət fələyin nəzərindəyəm, Qəzaynan, xətaynan hədələr məni, Yaxam əlindədi, qalmışam naçar, Nə olsun tanıyır dədələr məni. Yaş gedir, dərd artır, bel də bükülür, Candan qüvvə gedir, nur də çəkilir, Ürəyə xal düşür, bağrım sökülür, Tutur tənələrə gədələr məni. Əhli-hal tapmıram açam dərdimi, Ona nişan verəm ata yurdumu, Yetim Əsgər sevər elin mərdini, İnsafdı, namərdlər didələr məni?! Ustadlar bir deməz, iki deyər. Biz də yenə birini də Yetim Əsgərdən deyək, olsun iki. Hardan, niyə gəldin, soruşma, qardaş, O dağdan bu dağa güzardı düşdü. Məni yurd-yuvamdan, eldən elədi, Sədəmə toxundu, nazardı düşdü. Əlindən iş gəlmir, eybinə kor ol, Varda gözüm yoxdu, lap sahibkar ol, Məni tanıyandan məni xəbər al, Qəriblik qanıma azardı düşdü. Dürlü sözləri var Yetim Əsgərin, Bir zad deyil sənin anarı-bərin, Mən indi qəribəm, yoxdu öz yerim, Sanıram baxtıma məzardı, düşdü. Ustadlar sözü iki deməz, üç deyər. Biz də birini Mağaraçıqlı Hasan xandan deyək, olsun üç. En, ey könül, sən göylərdən, Əhli-hal yerindədi, Məqamın həmən məqamdı, Cah-calal yerindədi. Söz mülkünün ləl-cövhəri, Qaradan gəldi ağa, Çünki böyük zəhmətim var, Var halal yerindədi. Dərddən nələr çəkib başım, Bilirik sən də, mən də, Fələk məni tanıyıbdı, Salıb qəmnən kəməndə. Mən bir ürfan adamıyam, Süvar olub səməndə, Dolanıram oba-oba, El, mahal yerindədi. Hasanxanı gəl incitmə, O ki, qırxlar quludu, Safdı qəlbi, həm nəfəsi, Könlü sözlə doludu. Getdiyi yol haqq yoludu, Şahi-mərdan yoludu. Təbi qaynar, sözü lətif, Pir, abdal yerindədi. Bəli, Allah ustadlara rəhmət eləsin, keçək söhbətimizə. Aşıq Heydər Hacı Abbasoğlu Mahmud ağanın məclisinin nuru sayılırdı. Ağa ona aşıq kimi, şair kimi böyük hörmət eləyir, harya getsə, onu aparırdı. Aşıq cavan vaxtı saz çalsa da, sonralar ana babasının sözüynən daha sazı yerə qoydu, amma avaznan elə oxuyurdu, az qalırdı ki, uçan quşlar da havada qanad saxlaya. Sözüm yox, yenə Mahmud ağaynan Aşıq Heydər Kəmərvana getmişdilər. İşlərini görəndən sonra, yəni orda məclis keçirəndən sonra onlar geri qayıdanda kəndin qırağında bir cavana rast oldular. Baxdılar, bu, cütün macından tutub yeri heç yaxşı əkə bilmir. Yeri əkməyin əvəzinə cızalayıb, zay eləyib bu. Odu ki, Aşıq Heydər Mahmud ağaya dedi: – Ağa, əgər izn versən, bu cavana bir söz demək istəyirəm. Sinəmə bir neçə xana söz gəlib. – İzindi, sən söz deməymində ol. Mahmud ağa belə deyəndə Aşıq Heydər görək burda götürüb nə dedi: Durma, macdan yaxşı yapış, Xərək qoyub qaralama. Ək ürəklə, həvəsiynən, Gəl torpağı yaralama. Haqosa bax, diqqət elə, İşlə, çalış, gülə-gülə, Bu obadan sən naz ilə, Gəl özünü aralama. Niyə oldu halın xarab? Peşən olsun özünə bab. Heydər deyər başqa iş tap, Yeri-yurdu qaralama. Bəli, söz tamama yetdi. Amma cavan oğlan öküzü əylədi. Alnının tərini slib atlılara, yəni Aşıq Heydərlə Mahmud ağaya yaxınlaşıb dedi: – Düzdür, dediyinə iradım yoxdur, amma ağa özü məni məcbur elədi ki, get yeri sən ək. Mən də əkin işini bilən adam deyiləm. Mənimki daş işidir, ev tikirəm, mustuq yonuram, holuq düzəldirəm. – Bə adın nədir ? – Yetim Ləvənd. – Soruşmaq ayıb olmasın, hansı tərəfdənsən? – Axırkələkdənəm. Atam-anam öldü. Mən bir parça vaxtımnan düşdüm qapılara. Sağ olsun Usta Pirini, mənə sənət öyrətdi – güzaranım bu tərəfə düşür, o da belə... Mahmud ağa bunu bir xeyli sorğu-suala tutdu, daha heç nə demədi. Yenə üzünü Aşıq Heydərə tutdu. Yəni görək Aşıq Heydər nə deyir bəs. Aşıq Heydər Yetim Ləvəndə dedi: – Baxıram sinən söznən doludu. Bəlkə bir söz deyəsən. – Ürəyimnən dedin, sən də cavab verərsənmi? – Sən de görüm. Baxım, xoşuma gəlsə, mən də bir şey deyərəm. İndi görək burda Yetim Ləvəndə nə dedi, Aşıq Heydər ona nə cavab verdi: Kor baxdım mənimlə heç getmir yola Yandırıb oddara hara gəlibdi. Yığıb mənə verib dərdi, bəlanı, Əzəldən belədir, qara gəlibdi. Aldı Aşıq Heydər: Boy-buxun, sir-sifət, cavanlıq səndə, Bulud tək tutulub dolmağın nədi. Dərd-sərini söylə, biz də bir bilək, Heyva tək saralıb solmağın nədi. Aldı Yetim Ləvənd: Barı «hiş» də qanmır tərs öküz kimi, Qəmi qabağıma düzür köz kimi. Bircə faydası yox çürük qoz kimi, Deyim bircə gün də kara gəlibdi. Aldı Aşıq Heydər: Qaradan qaradı o baxt dediyin, Əlbət ki, varlıdı xoşbəxt dediyin. Yerini alarmı hər vaxt dediyin, Dərdi sinən üstə almağın nədi. Aldı Yetim Ləvənd: Feldardı, bal yağır yağlı dilindən, Baş aça bilmirəm heç əməlindən. Qurtarmaq olur ki, bunun əlindən. Yetim Ləvənd bezib, zara gəlibdi. Aldı Aşıq Heydər: Aşıq Heydər deyər bir az tab elə, Aç sinədəftərin, bir kitab elə. Səxalı bəylərə bir xitab elə, Baxtın qarasında olmağın nədi? Söz tamama yetəndə Aşıq Heydər Yetim Ləvəndə dedi: – Əyə, sən əməlli söz deyənsənmiş ki! İndi bir söz deyəcəm, mənə cavab verərsənmi?. – Sən başla görüm, mən də sənə layiq bir-iki söz tapa bilərəmmi?. Bəli, Aşıq Heydər burda yenə görürdü görək nə dedi: Nə ucadı, nə alçaqdı, Bu məqamlar kimdədi? Gözəl işlər, gözəl peşə, Böyük namlar kimdədi? Pul oduna ömür verən Nə qazanar dünyada? Haqq ataşı, üzün nuru, Dolu camlar kimdədi? Aldı Yetim Ləvənd: Mərd ucadı, namərd alçaq, Uca məqam mərddədi, Gözəl işlər, gözlə peşə, Böyük namlar mərddədi, Pul oduna yanan kəslər Faniliyi qazanar, Haqq ataşı, üzün nuru, Dolu camlar mərddədi! Aldı Aşıq Heydər: Varü-dövləti, qızıl-gümüş, Ləlü-göhhər nə şeydi? Nədi söylə kişi işi Bu dünyada nə yeydi? Qara saçı nə ağartdı, Əlif qəddi nə əydi? Ağır məclis, şirin söhbət, Qara damlar kimdədi? Aldı Yetim Ləvənd: Varü-dövlət, qızıl-gümüş Aqillərə nə şeydi, Kişi işi səxavətdi, Eylik eləmək yeydi, Qara saçı, əlif qəddi Qoca fələk tez əydi; Ağır məclis, şirin söhbət, Qara damlar mərddədi! Aldı Aşıq Heydər: Mərd dediyin necə kəsdi? İşi-gücü yoxdumu? El içində yeri-yurdu, Varı-yoxu çoxdumu? Mala-pula meyl eləmir Harda qurub taxtını? Aşıq Heydər sual eylər Şirin dəmlər kimdədi? Aldı Yetim Ləvənd: Mərd deyilən haqq elçisi, Yaxşı bilir işini, Əzəl başdan heç buraxmır Yaxşılığın peşini; El içində məclis qurar. Mərdə verər aşını; Yetim Ləvənd doğru söylər Şirin dəmlər mərddədi! Söz tamama yetəndə Aşıq Heydər baxdı yenə Yetim Ləvəndin sözü var deyən. Odu ku, dedi: – Baxıram yenə dənçiyində söz var. De görüm, nə deyirsən. – Bu belə deyəndə Yetim Ləvənd yenə sözə başladı: Bir yandan yetiməm, bir yandan kasıb, Tale dərd şələsin belimə basıb. Ataşlı zənciri boynundan asıb, Kimsə pənah yoxdu, təkcə qalmışam, Sitəmə tuşam. Aldı Aşıq Heydər: Darıxma darılma, dərdə qayım ol. Əlbət, tanrı verər sənə da bir yol. Ucadan ucadı çox adildi ol, Hər vaxt pənahında saxlayar səni, Gəl eşit məni. Aldı Yetim Ləvənd: Evsiz-eşiksizəm, simsarsız, fağır... Nə məclis görürəm, nə də çal-çağır. Dərd dərdin dalınca üstümə yağır. Hələ indiyəcən kədər almışam, Yuvasız quşam. Aldı Aşıq Heydər: Sən ki, söz deyəsən, simsar tapılar, Açılar üzünə bağlı qapılar. Dərddən sınıq könlün sözlə yapılar, Qovarsan başından dumanı-çəni, Gəl dərddən geni. Aldı Yetim Ləvənd: Yetim ləvənd deyər bir ustadım yox, Saza həvəsim var, sözə ondan çox. Aşıq Heydər, mənə yaxşı göznən bax, Bu cavan yaşımda dərdə dalmışam, Bir bağrıdaşam. Aldı Aşıq Heydər: Aşıq Heydər gördü sənin dərdini, Həlbət bular el-obanın mərdini. Qəm eləmə, mən bilirəm qədrini. Gəl unut burada olub-keçəni, Haqqa sal yönü. Söz tamama yetən kimi Mahmud ağa bir qələm, bir kağız çıxarıb nəsə yazdı, sonra Aşıq Heydərə baxıb dedi: – Aşıq Heydər, zəhmət olmasa, atdan düş, ver onu Yetim Ləvəndə, qoy getsin kəndə. Bayaq Aşıq Heydər atı verdi Yetim Ləvəndə. Mahmud ağa dedi: – Neçə aydı burda işləyirsən? – Üç aydı. – Yaxşı, ağa sənə 15-20 manat haqq verməlidi. Amma sən bu kağızı al, ver ona geri, dübara burya gəl... Özün də bir az çəpik ol. – Bu saat. Bayaq Yetim Ləvəndə ata minən kimi atı dəhmərləyib kəndə tərəf yol aldı. Aradan az keçmədi ki, Yetim Ləvənd geri qayıtdı, atdan düşüb onu sahibinə qaytaranda Mahmud ağa dedi: – Yetim Ləvənd, min Aşıq Heydərin tərkinə. Deyirlər Aşıq Nəsib yaxşı aşıqdı. Səni onun yanına aparıram. Əlbət hünərin var, amma yenə xeyrinədi... Al bu da sənə yol xərcliyi. Mahmud ağa Yetim Ləvəndə xeyli pul verdi. Yetim Ləvənd ağanı dualaya-dualaya pulu cibinə qoydu, Aşıq Heydərin tərkinə mindi. Gəlhagəl gəlib onlar bir kəndə çıxdılar. Mahmud ağa atını bir evin qabağında saxlayıb dedi: – Bilirəm, Aşıq Nəsib burda olur. Ona kimi qapı açıldı. Ev sahibi eşiyə çıxdı, gələnləri qarşıladı. Nökər-qulluqçu tökülüb atları tövləyə çəkdilər. Mahmud ağagili də evə apardılar. İçəri keçdilər ki, məclis qurulub. Aşıq Nəsib lap başda oturub qəlyan çəkir. Bunlar salam verib keçdilər başa. Aşıq Nəsib o saat Aşıq Heydəri tanıdı. – Əyə, a qara Heydər. Mən harya gedirəm, gərək sən də oraya gələsən? – Bə, neynim. Mən də belə adamam. – Yanındakı bu cavan oğlan kimdi? – Yetim Ləvənd. – Axırkələkli cavandımı bu? – Necə ki... – Deyirlər bir az söz-zad deməyi var. – Sən hardan bilirsən. – Mənim bilmədiyim şey var ki?! Aşıq Nəsib qəlyanı bir yana qoyub sazını sinəsinə basdı. – Əyə, a qara Heydər, sən yaxşı söz deyənsən, amma sinəmə bir neçə xana yaxşı söz gəlib, deyim qulaq as. İndii görək Aşıq Nəsib burda götürüb nə dedi: Qırxların əlindən badə işmişəm, Qəlbinin nurundan sözüm bol gəlir. Dərdə alışmışam, düzü seçmişəm, Sinəmin başına haqdan yol gəlir. Meylim yox dünyada mala-dövlətə, Pendir-çörək bəsdi, yemərəm kətə. Mən tamah salmaram pişmişə, ətə, Boğazdan, gödəndən axı ol gəlir... Nəsibəm, sözümə sən də, yaxşı bax, Yerdən öz-özünə qaynayır bulaq. Yorğa yeriş nədi nə bilir ulaq? Sağdan sonra əlbət, bir də sol gəlir. Söz tamama yetən kimi Mahmud ağa aşığın qabağına bir onluq qızıl qoydu. – Sağ ol, var ol, aşıq. Səndən bir xahişim var, bu oğlanı (əliynən Yetim Ləvəndi göstəridi) sənin yanına gətirmişəm ki, bunu özünə şəyirt götürəsən. Səsi də var, sözü də var... qalanını da sən bilirsən. – Nə deyirəm. Mahmud ağa, amma bu cavanla ötəri deyişmək istiyirəm. Görək razı olacaqmı. – Mən razıyam. – Eləmi, onda gəl qabağa. O saat Yetim Ləvənd keçdi Aşıq Nəsibin qabağına. Yenə Aşıq Nəsib sazı sinəsinə basdı, görək nə dedi: Ustadın, pirin kim, özün de kimsən, Söz betər tutubdu harada səni? Yoxsa natarazsan, bir ağlı kəmsən, Xəcil eləmiyim burda səni. Aldı Yetim Ləvənd: Ustadım Əlidi, ol Şahi-Mərdan, Yetiməm dərd üstə tutub söz məni. Ağlı-huşu cəməm, ağlım başımda Gəl sıxma-boğmuya salnan az məni. Aldı Aşıq Nəsib: Fağırsan, gədəsən, yoxsamı mərdsən, Yoxsa özün boyda dünyaya dərdsən. Olmuya bilmirəm, qurd oğlu qurdsan, Dar yerdə qoyarsan qarada məni. Aldı Yetim Ləvənd: Fağıram, kasıbam, gədə deyiləm, Nə də özüm boyda qada deyiləm. Mən qurd oğlu qurdam – bilir bu aləm, Dillənsə, ram edir telli saz məni. Aldı Aşıq Nəsib: Aşıq Nəsib deyər sözü uzatma, Uca məqamlara əlini atma. Mənim düz sözümə qaşını çatma, Nədi dingildədən arada səni. Aldı Yetim Ləvənd: Yetim Ləvənd deyər sözüm uzanmaz, Dərdə müştaq olan boşuna yanmaz. Bir alçaq könüldü deyil ki, qanmaz. Çağırar çöllərə gələn yaz məni. Bəli, söz tamama yetdi. Aşıq Nəsib dedi: – Yetim Ləvənd, sağ ol. Səndən yaxşı aşıq olacaq. Bu gündən səni özümə şəyird götürdüm. Elə o vaxtdan Yetim Ləvənd Aşıq Nəsibə şəyird oldu. Bir neçə il onun yanında qaldı, aşıqlığın yolunu-izini öyrəndi. Allah sizləri də mətləbinizə çatdırsın. * * * Aşıq Heydərlə Aşıq Məhəmməd 1920-ci ilin noyabr ayında Güllübulaqlı Aşıq Nəsibin dəvəti ilə Aşıq Heydər Güllübulağa gəlir. Burada Aşıq Nəsib Aşıq Şenliyin əziz xatirəsinə böyük məclis təşkil edir. Aşıq Şenliyin “Lətif Şah” dastani Aşıq Heydərə həvalə olnur. Bir həftə çəkən məclis böyük təm- təraqla başa çatır. Aşıq Nəsib Aşıq Heydərın qarşılaşdığı çərinliklərdən tam halı idi. Ona görə də məclisə nə yığılmışdırsa hamısını Aşıq Heydərə verir. Payizin qarlı- şaxtalı havasında Güllübulaqdan yola çıxan Aşıq Heydər günortaya yaxın Daşkörpü kəndinə çatır, lakin güclü dağ boranının qalxdığından öz kirvəsi Məşədi Zaloygilə getmək qərarına gəlir. Aşıq Heydər əvvəllər həmişə Qars və Gümrüdən məclislərdən gələn zaman Məşədi Zaloyun əziz qonağı olurdu. Aşıq Heydər qazancının bir hissəsini Məşədi Zaloya verib deyərdi: Kasıb adamsan, bu pulları götür, xeyir var, şər var, lazımın olar. Elə bu işlərinə görə də Məşədi Zaloyun ən sevimli qonağı Aşıq Heydər idi. Vaxtıilə üzünə taybatay açılan qapılar, taybatay baglandı. Qapını açan olmadı ki, olmadı. Lakin içəridən Məşədi Zaloyun asta danışığını hiss edən Aşıq Heydəri təccüb bürüdü. Məşədi Zaloy öz kiçik oğluna astadan dedi; Bala, qapını açma! qələt elədim, yol kənarında ev tikdim, hər yoldan keçən deyir məni qonaq elə! Uşaq isə dilləndi: Ata, gələn Aşıq Heydərdi. Məşədi Zaloy: Bu lap pis! İrandan gəlib, acın-gicin biridi, nəsə istəməyə gəlib! İşi belə görən Aşıq Heydər kor- peşman geri qayıdır. Kəndin içində ona Daşkörpü kəndinin ağsaqqalı Qəhrəman kişi rast gəlir. Qəhrəman kişi Aşıq Heydərin soyuqdan tir- tir əsdiyini görüb onu öz evinə götürür. Axşam Qəhrəmanla Aşıq Heydər şırin söhbətlər edirlər. Aşıq Heydər İranda başına gələnlərdən və öz qardaşı oğlunu Araz çayının qırağında dəfn etməsindən danışır. Nə isə, səhər açılır. Qəhrəman kişi Heydərə altdan geyinmək üçün isti paltar verir və deyir: -Aşıq Heydər, sən Məşədi Zaloydan incimə, meşə çaqqalsız olmaz, bu sağolmuşun gözünü pul tutub. Aşıx Heydər isə gülümsəyərək deyir; -Mənim heç kimdən inciməyə ixtiyarim yoxdur, bircə o böyük yaradan bizlərdən inciməsin. Ancaq Qəhrəman kişi, belə qohumluq olmaz axı. Bir qələm götür, mən deyim sən yaz. Görək Aşıq Heydər Məşədi Zaloya nə deyir. Salam Əleyküm, Məşədi, Məşədi bir ağa kişidi. Kişi əl - ayağım üşüdü, Kirvə, məni qonaq eylə. Gəlirdim Güllübulaqdan, Boran da qaxdı qabaqdan. Utan bizim kirvalıqdan, Kirvə, məni qonaq eylə. Bozqaladan qaxdı duman, Şalvar altda yoxdu tuman. Məşədidən qaçır iman, Kirvə, məni qonaq eylə. Aşıq Heydər bu yerdə sözünü yarımçıq qoyaraq Qəhrəman kişiyə dedi: Sağ ol, Qəhrəman, sənin bu yaxşılığın yadimdan çıxmayacaq. Nə bildin ki, mənim alt tuman - köynəyim yoxdu. Qəhrəman kişi isə gülə - gülə dilləndi: Aşıq Heydər, mən uşaq deyiləm ki, sən soyuqdan tir- tir əsirdin. Bu dəmdə Aşıq Heydər aldı görək nə dedi: Görüm səni burda tək qal, Qonaq eylə məndən haqq al. Boynu yoğun, özü çaqqal, Kirvə, məni qonaq eylə. Boran imkan vermir, əsir, Maşqı da amanım kəsir. Aşıq Heydər tir-tir əsir, Kirvə, məni qonaq eylə. Aşıq Heydər Qəhrəman kişi ilə sağollaşıb öz doğma kəndi Düzkəndə gəlir. Aradan bir xeyli keçməmiş Aşıq Heydərın bu qoşması toylarda və məclislərdə səslənməyə başlayır. Bu sözlər Məşədi Zaloya möhkəm təsir edir. Məşədi Zaloy Aşıq Heydərdən əvəz çıxmaq məqsədi ilə Güllübulağa Aşıq Nəsibin yanina gəlir. Aşıq Nəsibə pul təklif edərək deyir: Aşıx Nəsib, sən bu mahalda tanınmış aşıqsan, Aşıq Heydər məni el- obada biyabır edib, ona bir həcv yaz, nə istəsən verərəm. Aşıq Nəsib hirsli vəziyyətdə yerindən duraraq dillənir: Ayə, sən nə həyasız adamsan, adıni Məşədi qoymusan, özün də ziyarətdə olmusan, sən lap iblissən ki, mən nə vaxtdan pulla özgələrinə böhtan yazıram, bir də ki, kimə Aşıq Heydərə, onun cörəyi sənə haram olsun. Sənə pul verəndə yaxşı adam idi, indi ermənilərin əlindən İrana qaçdi, sonra lüt qayidıb, pis adam olub. Necə gəlmisən, dur elə də geni get, mənim evimdə şeytana yer yoxdu. O ki, qaldı Aşıq Heydərə, o həm Allahin quludu, həm də böyük aşıqdı, ona canımı da qurban verərəm. Bu sözlərdən sonra Məşədi Zaloy kor- peşman geri qayıdır. Ancaq Məşədi Zaloy Aşıq Heydərdən heyif çıxmaq üçün növbəti fitnəyə əl atdı. Yaz başı Məşədi Zaloy at furqonuna iki yaxşı erkək qoyub Öksüz kəndinə Aşıq Məhəmmədin evinə gəlir. Aşıq Məhəmmədən xahiş edir ki, Aşıq Heydərə bir həcv yazsın. Aşıq Məhəmməd əvvəl bu işə razı olmur. Sonra erkəkləri görəndə kişini tamah basır, şeytan aldadır. Son sözü bu olur ki, mən gərək Aşıq Heydərə elə bir toy tutam ki, öz toyu yadından çıxsın. Gərək Aşıq Heydər Məhəmmədin adı gələndə sıçan deşiyini satın alsın. Ancaq bu heç belə də olmur, Aşıq Məhəmmədin özü pis vəziyyətə düşür. Əzizlərim bu əhvalat belə baş vermişdir. Günlərin birində Düzkəndli rəhmətlik dəllək Qəfər (Aşıq Heydərin qonşusu olub) Öksüz kəndində bir sünət məclisində olur. Məclisi Aşıq Məhəmməd aparırdı, cavanlardan biri Aşıq Məhəmmədin Aşıq Heydərə yazdığı həcvi oxumağı xahiş edir. Aşıq Məhəmməd bunu demək istəmirdi, ancaq mazarratlar yerdən dillənərək deyirlər: -Aşıq Məhəmməd, səni belə qorxaq bilməzdik, hər aşıq öz sözünün sahibi olmalıdır. Elə bu dəm də Aşıq Məhəmməd sözə başlayır: Gedəndə Arazdan keçdin, Gələndə suyundan içdin. ... Niyə gəldin qara Heydər? Yol üstə bir dam tikmişəm, Dörd yanında xan tikmişəm. ... Niyə gəldin qara Heydər? Həm ağayam, həm nökərəm, Basıb gözünü tökərəm. Sinən üstə dağ çəkərəm, Niyə gəldin qara Heydər? Məşədi bir ağa kişidi, Yediyi kətə, pişidi. Deyinmək arvad işidi, Niyə gəldin qara Heydər? Adını aşıq qoymusan, Bütün mahalı soymusan, ... yeyib, doymusan, Niyə gəldin qara Heydər? İtiləmişəm ülgücümü, Sənə göstərrəm gücümü. Tanrı qorusun bicimi, Niyə gəldin qara Heydər? Öksüzdə meydan mənimdi, Məşədi sənə qənimdi. Canın çıxsın, di öl indi, Niyə gəldin qara Heydar? Bu mahaldan ar eylərəm, Dəmxananı dar eylərəm, Səni burda xar eylərəm, Niyə gəldin qara Heydər? Açmışam urfan meydanı, Məhəmmədi yaxşı tanı. Ağbabanın cin – şeytanı, Niyə gəldin qara Heydər. Aşıq Məhəmməd yenə sözə başlamaq istəyirdi ki, bu dəmdə məclisdə əyləşən Aslan ağa istehza ilə dilləndi: Aşıq Məhəmməd, heç olmasa Qəfər kişidən eyib elə, sözün varsa söz daniş, axı sənə söyüş, böhtan söyləmək yaraşmaz. Mən Aşıq Heydəri yaxşı tanıyıram, axı sən o kişinin bir put çörəyini yemişən, bu dediyin sözlər Heydərə çatsa sözünün arxasında dura biləcənmi. Elə bil Aşıq Məhəmmədin başına qaynar su tökdülər. Heç səsi də çıxmadı. Rəhmətlik Qəfərin boğazından cörək keçmədi. Yarımçıq məclisi tərk edərək başı alovlu özünü kəndə, yəni Aşıq Heydərgilə saldı. Aşıx Heydər molla Rzaqulu ilə oturub şirin söhbət edirdi. O Qəfəri bu vəziyyətdə görüb təccüblə soruşdu: Qəfər, sənə nə olub, belə qan- tərin içindəsən? Axı sən Öksüzdə sünnət məclisidə olmalı idin? Olmaya üzünə yaxşı baxmayıblar? Qəfər hirsli vəziyyətdə dilləndi: Kəs səsini, Aşıq Məhəmməd nəyin vardısa ona söydü, mən də məclisi yarımçıq qoyub gəldim. Heydər gülümsəyərək dilləndi: Qəfər kişi cox nahaq məclisi yarımçıq qoyub gəlmisən, mən onun sözlərini eşitmişəm, bu onun işi deyil, Məşədi Zaloyun iki erkəyinin işidi. Qəfər yenə hirsli vəziyyətdə dilləndi: Ayə, mən səni bir kişi bilirdim, susmaq hər şeylə razılaşmaq deməkdir axı. Daha mən sənin yerinə utandığımdan Öksüzə ayaq basa bilmərəm. On günə kimi Aslan ağa məni öz oğlunun sünnət məclisinə çağırıb, mən hansı üzlə bir də Öksüzə gedim? Aşıq Heydər dedi: Gedərsən Qəfər, gedərsən, Allah kərimdi. Bu dəmdə molla Rza-qulu söhbətə qarışaraq dilləndi: Ay qardaş, axı Qəfərin sözündə həqiqət çoxdur, qanmazı yerində oturtmaq lazım deyilmi? Aşıq Heydər dedi: Onda belə oldu, ay Rzaqulu, mən deyəcəm sən də yaz, ancaq bir şərtlə ki, Qəfər Aslan ağanın məclisinə gedəndə bu kağızı şəxsən mənim adımdan Aslan ağaya versin. Qəfər, hə, indi nə deyirsən? Qəfər dedi: Mən iki əllə razı. Görək Aşıq Heydər aldı nə dedi: Baxın, Məhəmmədin işinə, El içində xar olubdu. Uyubdu şeytan felinə, O xənnasa yar olubdu. El eşidib, özü də bilir, Sanasan ki, kar olubdu. Bəyənmir dostu- tanışı, Bu qurumsaq kor olubdu. Bu dəmdə Qəfər dilləndi: Ayə bu Heydər nə danışır, əməlli başlı söz desənə... Heydər dedi: Qəfər səbrin olsun tələsmə, tələsən təndirə düşər, bir axırına qulaq as. Yenə aldı görək Aşıq Heydər nə dedi: Məşədi iki qoyun verib, Bu gəda quzuya dönüb. Saqqalı bulaşıb yala, Yalquzaq tazıya dönüb. Öksüzdə meydan açıbdı, Deyirlər qazıya dönüb, Vurulub dünya malına, İşi tam ah - zar olubdu. Aşıq Heydər: – Hə Rzaqulu catdıra bilirsənmi? Rzaqulu dedi: Sən lap qılıncını kişinin iliyinə kimi vurdun. Aşıq Heydər dilləndi: Qoy öz möhürümü vurum söz tamamlansın. Doğru söz de, düşün danış, Hədyan demə Heydara. Ağlın qaçıb, huşun itib, Başın vur divara. Yahu, yahu deyə - deyə, Əl atdım Zülfüqara. Adına dastan demişəm, Mahallarda car olubdu. Bu dəmdə Qəfər yenə sözə başladı: Ayə, ay qardaş oğlu, o sənə söyüşlə söz deyib, bir əməlli- başlı söz desən ki. Aşıq Heydər; Ay Qəfər kişi, mən də ona söyüşlə söz desəm, olaram onun tayı, bu el- obada azca da olsa hörmətim var, bu hörməti itrmək istəmirəm axı! Bir də ki, ulağa deyəndə mərifətini göstər, onun nə etdiyini sən məndən yaxşı bilirsən. Hələ sözlərim yarımçıq qalıb. Bir arxasına qulaq as. Yenə Heydər sözə başladı: Yekə - yekə çox danışma, ay gədə, Götür sazı, gir meydana, cəngə gəl. Kəl əvəzi səni də, qoşum kotana, El içində xar eyləyim, təngə gəl. Söz- söhbətin çatıb bizim qazıya, Utan barı, bax yazdığın yazıya. Səni gördüm əhsən dedim tazıya, Buynuzunu sürtmə kələ, cöngə, gəl. Qəfər kişi altdan- altdan gülərək dilləndi: Sağ ol, ay qardaş oğlu, bu lap yerinə düşüdü, bircə Yetər yengəmin yanında üzü qara olduq. Heydər yenə sözə başladı. Qodom oğlu, çox bilirsən, az danış, Danışanda səndən qaçır dost- tanış. Bu millətə nəsib olub aldanış, Yürü, bala, asta yeri, küncə gəl. Aşıq Heydər deyər sözün bu başdan, Döşə tər kababdan, təzə lavaşdan. Canını almamış, sürüş yavaşdan, Geyin, keçin başında bir dingə gəl. Aşıq Heydər sözünü qurtarıb üzünü molla Rzaquluya tuturaq dilləndi: Mən bilən bu sözlər öz ünvanına çatsa, onda Aşıq Məhəmməd öz səhvini başa düşəcək. Amma elə bil ki, nə isə sözlərimdə catışmazlıq var. Axi mən Mərənddən qayıdanda sonra, Güllübulaqlı Aşıq Nəsib mənə əl tutub, bir də ki, Məşədi Zaloyun yaxşıca cavabını verib, qoy üstü örtülü də olsa adını aşıq qoyan Məhəmməd bilsin ki, bu meydanda tülkü kimdi, nər kimdi. Bu dəmdə Aşıq Heydar yenə sözə başladı: Ay aşıq, cənbərək meydanına gəl, Mərifət elmində sirri göstərim. Noxtalıyım, palan salım belinə, Sənə bəyəndiyin yeri göstərim. Saqqalın bulaşıb quymağa - yağa, Xub yaraşır sənin kimi ulağa. Əgər yolun düşsə Güllübulağa, Maral yatağında nəri göstərim. Tapdaladın arada olan hörməti, Aşiq Heydər verdi sənə qiyməti. Bağlayım başına güllü heyratı, Öksüzü gəzdirim, piri göstərim. Hə, əzizlərim, bu əhvalat beləcə başa çatdı. Aşıq Məhəmməd öz səhvini başa düşdü, Aşıq Heydərdən üzr istədi. Böyük ustadlar arasında olan umu – küsü tezliklə aradan qalxdı. Amma bu əhvalat Ağbaba elllərində dastan olaraq dillər əzbəri oldu, yaddaşlardan bu günümüzə kimi gəlib cıxdı. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-heyder İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.