Aşıq Hüseyn Bozalqanlı. Əsərləri Aşıq Hüseyn Bozalqanlı (1863–1941) == Qoşmalar == Bayram gəlib hamı geyib zər-ziba Bayram gəlib hamı geyib zər-ziba, Bizdə nə bez, qədək, nə şal da yoxdur. Qocaların şövqi olmaz söhbətə, Nə başı eşqli cahıl da yoxdur. Buğda olsa kəsdirərdik əriştə, Düyü almamışıq yuyula təştə, Yeddi gündür xanım çıxıbdır kəştə, Qapılar gəzməkdən macal da yoxdur. * * * Bu gecə Qəm çəkmə, qəm yemə, divanə könlüm, Yetirərəm səni yara bu gecə, Üzümü sürtərəm zülfə, buxağa, Çəksələr dilimdən dara bu gecə. Qırılıb sonalar, boş qalıb güllər, Dağılıb havalar qan ağlar çöllər, Kül başına olsun şeyda bülbüllər, Gül mehman olubdu xara bu gecə. Söyün sınmış dilin yara deyibdi, Təbib neştər vurma, yara deyibdi, Əğyar əli deyən yara deyibdi, Sübhə tək çəkmişəm nərə bu gecə. * * * Bükülmüş Xoca Əhməd özün salıb əngələ, Torpağa, qəltanə, lilə, bükülmüş, Danışdığı sözlər fisqi-fəsadlı, Hiyləyə, fitnəyə, felə bükülmüş. Sözlərimi çəkməyirəm dərinə, Sərim qurban mərd igidin sərinə, Axşam olcaq girir ocaq yerinə, Kəsəyə, kömürə, külə bükülmüş. Yazıq Hüseyn elmlərdən halıdı, Öz ürək sözüdü, öz kamalıdı, Burnu çarıq, lap İrəvan malıdı, Noxtaya, palana, çula bükülmüş. * * * Danışma Yön çevirib bir məclisə varanda, Ağır otur, sağa-sola danışma. Hərcayı söyləmə, pis adamlar tək, Laf edibən gülə-gülə danışma. Sözün tutma hər azğının, axmağın, Xoşlanılmaz aralıqdan çıxmağın. Layiq deyil başa qaxınc qaxmağın, Öz eybini bilə-bilə danışma. İnsan gərək hər məclisdə sayılsın, Həqiqətdən danış, “Əhsən!” – deyilsin. Kəlmə çıxart, şirin cana yayılsın, Aşırıb sözünü zilə, danışma. Hər gizli sözünü söylə qanana, Aşiq olma şər-böhtana, yalana. Sirrin vermə hər üzünə gülənə, Tez düşəcək dildən-dilə, danışma. Yazıq Hüseyn, əhdin yetər yerinə, Çək sözünü şəriətə, dərinə. Satginan mətahın xiridarına, Hər söz anlamaza, mala danışma. * * * Dünyada Qafil könlüm, aç gözünü, ayıq ol, Qaranlıq qəflətdə yatma dünyada. Hər bir zəmanənin bir tarixi var, Məqamı gələndə ötmə dünyada. Əyrilər işləməz düz bazarında, Ariflər seçilər göz bazarında. Gövhəri sərf eylə, öz bazarında, Bazarı olmasa, satma dünyada. Düşməninə xədəngini gözlə vur, Mərd dostuna aç sirrini, gözlə vur. Şikarını bərəsində gözlə, vur, Əfsanə oxunu atma dünyada. Mərd igid dostuyla düz ülfət eylər, Günbəgün artırar, məhəbbət eylər. Müxənnət həmişə xəyanət eylər, Namərdlə ülfətin qatma dünyada. Qeybətə uyuban süxənkar olma, Dosta yalan satıb günahkar olma. Şeytanın qövlünə tərəfdar olma, Günaha, bavala batma dünyada. Hüseyn, gedişatdan olma bixəbər, Həqiqəti müdam söylə sərasər. Sabir tək səy ilə cəm eylə dəftər, Ayrı bir iş, peşə tutma dünyada. * * * Düşmüşəm Qırxlar piri özü verib dərsimi, Şair cərgəsində sana düşmüşəm, Arif məclisində, alim yanında, Neçə dəfə imtahana düşmüşəm. Bir zaman əlimde zil bəm saz oldu, Gözətlər mənimlə üzbə-üz oldu, Suyum artıq gəldi, tozhatoz oldu, İndi də yumşalıb una dönmüşəm. Özüm aşiq olub gəzirəm eldə, Qaldı həsrət gözüm əbrişim teldə, Ələsgər danışan təşbeh misalda, Hüseyn deyər, həmən günə düşmüşəm. * * * Çəkibdi Cəlili-cabbarım, Qadiri-muxtar, Altı gündə bu dünyanı çəkibdi. On səkkiz min aləm küllü hər nə var, Ərşi, kürsü, nöh asmanı çəkibdi. * * * Çəkməsin Hər cəfənglər saz götürüb, söz deyib, Şairlik ismini sana çəkməsin. Çibin, milçək zənbur kimi sızlayar, Qanqalın şəhdini şana çəkməsin. Şairlik elmində pürkamal gərək, Divani, təcnisi hər misal gərək. Kotana qoşmağa kəltə kəl gərək, Kələ qabaq körpə dana çəkməsin. Eşqin kürəsində bişib, yanmayan, Qafiyəsin, qələtini qanmayan, Bədöy bəsləyibən köhlən minməyən, Ulağını bu meydana çəkməsin. Ustadlar kəlamı bizə gələndə, Xəstə cismim olur təzə, gələndə. Arif mclisində üzə gələndə, Onda yaxasını yana çəkməsin. Lənət müxənnətə, ara qatana! İnsan gərək yalan sözdən utana. Xəbər verin, sınıq saxsı satana, Cürdəyini hər sindana çəkməsin. Qovğaya düşübdü, bu yazıq Hüseyn, Nə məndə can qaldı, nə də baş, beyin. Tülkü dərələrdə aslana boyun, Hünərini qana-qana çəkməsin. * * * Getdi Bilmirəm, nə dedim, yar küsdü məndən, Coşqun çaylar kimi axdı da getdi. Oynatdı qaşını, süzdü gözünü, Mənə oğrun-oğrun baxdı da getdi. Şikarım uçurdum tuta bilmədim, Ceyrana oxumu ata bilmədim, Yüyürdüm, yüyürdüm, çata bilmedim, Atamın evini yıxdı da getdi. Dostuna demədi o sir sözünü, Hüseyndən kənara tutdu üzünü, Çatdı qəmzəsini, süzdü gözünü, Müjganın sinəmə, çaxdı da getdi. * * * Gərəkdir Şair olub şeir, dastan yazanın, Ellərin qəlbində yeri gərəkdir. İncidən, sədəfdən, ləli-gövhərdən, Sərrafın dəstində zəri gərəkdir. Ustaddan dərs alıb, səfa sürməyə, Haqqı, ədaləti aşkar görməyə, Arif məclisində cavab verməyə, Sənətkara zəhmət təri gərəkdir. Arzusu, diləyi həqiqət üçün, Səmimiyyət üçün, sədaqət üçün, Bəşəriyyət üçün, məhəbbət üçün, Qüdrətdən ilhamı, şeiri gərəkdir. Eşqin dəryasına dalan aşiqin, Ürəklərdə məskən salan aşiqin, Tarixlərdə izi qalan aşiqin, Sinəsində söz dəftəri gərəkdir. Aşıq Hüseyn qəlbi şad qoyub gedə, Kəlməsi dəhanda dad qoyub gedə. Öləndə dünyada ad qoyub gedə, Qəbri əsrlərin piri gərəkdir. * * * Görmüşəm Bu qoca dünyanın yoxdur vəfası, Gah boşalıb, gah da dolan görmüşəm. Qızılgül açılıb heç xəndan olmaz, Xəzan dəyib, birdən solan görmüşəm. Cahanın gülünü bir kimsə dərməz, Qəza kəməndinə düşən qurtarmaz. Bəndə yüz çalışsa, biri düzəlməz, Haqdan qeyrisini yalan görmüşəm. Yazıq Hüseyn Haqqa verib guşunu, Qəza vurub, qədər əyib işini. İtirənlər düzə bilmir beşini, Milyonlar dağılıb, talan görmüşəm. * * * İndi Müxənnət zamana, beymürvətə fələk. Qoymadı mətləbim, bir aləm indi, Gözüm açdım qərinələr dolandım, Görünür gözümə bir aləm indi. Kamil bağban bağçasını suvara, Plan çəkə, kanal vura, su vura, Bir şah gördüm səməndinə suvara, Tutmuşdu dəstində bir aləm indi. Hüseynəm, əlimdən uçdu tərlanım, Qırdı şikar bəndi, qaçdı tərlanım, Uca dağ başını aşdı tərlanım. Getdi qürbət eldə yad ələ mindi. * * * Lələ Xəstə cismim bir cananın ucundan, Yanıb atəşlərə əriyir, Lələ, Hicranın ləşkəri, qəmin sultanı, Səf çəkib, üstümə yeriyir, Lələ. İstəyirəm qədəm qoyum elimə, Qaşlarıyla qıfıl vurur dilimə, Zülfün kəməndini salıb belimə, Hüsnün sütununa sarıyır, Lələ. Leyli kimi hərdən çıxır eyvana, Məcnun tək Hüseyni edir divanə, Əlinə götürüb şirmayı şana, Şahmar zülflərini darayır, Lələ. * * * Lənət Ay həzarat, el çaxnaşdı, qan düşdü, Xain mərdimazar atana lənət. Göyçə yesir oldu, dalda baxanda, Fağırlar qanına batana lənət. Kəsib dar bəreni deyirlər, dayan, Hayes, Türkes, Ermənisən, Müsəlman, Arifsənsə mənasını anla, qan, Gizlində min əməl tutana lənət. Obalara yaman baxdı pund ili, Doğru danışanın kəsildi dili, Malağan, Oazaklar işlətdi feli", Tüfəngi budağa satana lənət. Hüseyn görməmişdi bu zülüm billah, Dağlar qan ağlar hər axşam, sabah, Ermənidə, müsəlmanda nə günah, Pünhan aralığı qatana lənət. * * * Qayıtdı Bir Sona sallandı çıxdı xanadan, Süzdü, oylağına dəydi, qayıtdı. Axtardı Səyyadın, bula bilmədi, Gördüm ki, pərişan oldu, qayıtdı. Gecənin nisfində yatan çağında, Sevgilər ixtilat qatan çağında, Maral bərəsinə çatan çağında, Yad ovçudan o, xof aldı qayıtdı. Baxdım bu gəlməyin qeyri-qəsdi var, Bəzəyin, ziynətin şövqi-şəsti var, Anladım dilbərin yəqin dostu var, Arif eyhamından bildi qayıtdı. Ağlibas, ağ bədən, bir məhcəmaldı, Hürüdü, pəridi, mələk misaldı, Mürğ-ruhum uçdu, rəngim saraldı, Ağlımı başımdan aldı qayıtdı. Dostumu nəfsimə sata bilmədim, Atdım müjgan oxun, ata bilmədim, Ha yüyürdüm, daldan çata bilmədim, Hüseynə çəngəlin çaldı qayıtdı. * * * Qırmızı Aşıq Hüseyn, telli sazdır əlində, Hər suala cavabı var dilində. Adı bəlli Azərbaycan elində, Dolanmışam hər obanı qırmızı. * * * Məni Qəza qırdı şikarımı tüyürdən, Qədər mindiribdi yad ələ məni. Tüğyandı mərəzim, yoxdu təbibim, Ya kəsə, ya yara, ya dələ məni. Qiyamətdi nəsin düşə əqrəbə, Səfər etsən uğrayarsan əqrəbə, Yandırdı cismimi narə əqrəbə, Yandırsa yandırmaz, yad elə məni. Hüseynəm, hicrandı şöhrətim, şanım, Nə var bir munisim, yarı- həmdəmim. Dərya olan dərdim, Qaf olan qəmim, Atıbdı qürbətə, yad elə məni. * * * Olacaqdır Könül, talib olub uyma şeytana, Fitnə, şəmatəsi şər olacaqdır. Bu dünya bir bağdı, bağbanı iblis, Alması, heyvası, nar olacaqdır. Gözəllər təşbehdi bağın gülünə, Mail olma şirin ləhcə, dilinə. Həvəslənib sığal vermə telinə, Məhşərdə hər muyun mar olacaqdır. Aldanma cifəyə, uyma fənaya, Güvənmə dövlətə, simü-tilaya. Bir gün apararlar dari-uqbaya, Simu-zərdən əlin car olacaqdır. Əməl bir parçadı, mələklər dərzi, Dərk eylə vacibi, sünnəti, fərzi. Nəkrail hayxırıb, çalanda gürzü, Rövşən gözün tiri-tar olacaqdır. Nütvədən pak olan siratdan keçər, Müxənnət münkiri almazlar biçər. Səxavət əhlini mələklər seçər, Kövsəri-rizvandan yer olacaqdır. Alma həqqünnasdı, tamı şirindi, Heyva ribadı, qandı, irindi. Nar səğir malıdı, hədsi dərindi, Dənəsi cəsəddə nar olacaqdır. Hüseyn, zaiğətül-mövtü yazanda, Şərm eylə, sal yada fəhmin azanda. Gün hərarət edib, yerlər qızanda, Şahi-mərdan şəfakar olacaqdır. * * * Sən məni A bimürvət, firqətindən xəstəyəm, Çəkirsən zülfünlə dara sən məni. Gecə-gündüz həsrətini çəkməkdən, Yandırdın atəşə, nara sən məni. Gözlərindi bu dərdimin əlacı, Teşnəyəm, ləblərin olum möhtacı, Pünhan-pünhan nə baxırsan qıyqacı, Könlüm istər gör aşkara sən məni. Gah ləzzətin şəhdü-şəkər dad olur, Gah da qəlbin dönür bizdən yad olur, Deyirsən, gülürsən könlüm şad olur, Ağladırsan tez dübarə sən məni. Bir dəfə qədəmin xoş güzar oldu, Onda zimistanım növbahar oldu, Bəs niyə dostluğun te bahar oldu, Niyə saldın bəxtəvərə sən məni. Hüseyn bir şeydadır, qonub budağa, Sərraf istər lələ qiymət qoymağa, Vədə verdin qayıtmadın otağa, Həmdəm etdin dörd divarə sən məni. * * * Səni Bir gecə mən sənə mehman olanda, Sən məni istədin, ha mən də səni, İlqar verib, dönüb biilqar olsan, Məzəmmət eyləyə həm onda səni. Qol boynuna salıb, sənə söz dedim, Namə ha yazmadım, üzbəüz dedim, Vədə verdin, üç saata gözlədim, Səkkizdə, doqquzda, həm onda səni. Hüseyn deyər mətləbinə çataydın, Məclisimdə xoş ixtilat qataydın, Həmişəlik eyvanımda yataydın, Gəlib tapaydılar ha məndə səni. * * * Şirin-şirin Talib oldum bir bağbanın bağına, Bağban bəsləyibdir bar şirin-şirin, İstəsən ki, mətləbinə çatasan, Qul ol, qulluğunda dur şirin-şirin. Kamil bağban çəkər bağın cəfasın, Gülün iylər, sürər zövq-ü səfasın, Bir gözəlin başdan görsən vəfasın, İstəsə, canını ver şirin-şirin. Canım qurban ala gözüm məstinə, Nə durubsan şirin canım qəsdinə, Üzüm qoyum o gül üzün üstünə, Qarışsın bir birə tər şirin-şirin. Hərcayı sözləri Hüseyn eşitməz, Haqdan bəla gəlsə, dosta tuş etməz, Girsən yar qoynuna yəğin üşütməz, Yağsa zimistanda qar şirin-şirin. * * * Yadıma düşdü Yarın gərdəninə qolum salanda, Zülfə dolaşdığı yadıma düşdü. İstədim ki, əl uzadam qoynuna, Düyməsin açdığı yadıma düşdü. Sallanıb gələndə, dərdin biləndə, Əl-ələ çalanda, gəh-gəh güləndə, Əyləşib qalanda, pünhan olanda, Deyib danışdığı yadıma düşdü. Aynasın quranda, ziynət verəndə, Zülfünü buranda, telin hörəndə, Qoynuma girəndə, qolun görəndə, Həsrət sarışdığı yadıma düşdü. Kirpiyin qaxanda, cana çaxanda, Həmayil taxanda, ənbər qoxanda, Seyrağıb baxanda, evim yıxanda, Kənardan keçdiyi yadıma düşdü. Bi-mürvət əlində, yarın əlində, Pərişan halında, çeşmim selində Hüseynin könlündə, əzbər dilində, Yanıb alışdığı yadıma düşdü. * * * Yaxşı at Səyyad olub ov bərəsin keçəndə, Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat. Ovun gəlib bərəsinə çatanda, Sərvaxt dayan, dürüst tuşla, yaxşı at. Bekar arvad cavan əri qocaldar, Əsil arvad çox dərdini azaldar, Üç şey deyim insan başın ucaldar, Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad. Arsız qohum xalqı sənə güldürər, Pis qardaşın dərdi adam öldürər, Hüseyn deyər, yralsan da qakhrar, İgid düşmən, ilqan dost, yaxşı yad. * * * Yaxşı sat Mərd igidi üç şey çəkər qabağa, Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad. Bir ayə var, min ayədən əfzəldir, “Be”ydi, “hey”di, yaxşı “lam”dı, yaxşı “sad”. Bədöy mənzili kəhər at yetirməz, Nanəcibə öyüd versən, götürməz, Ölənədək nişanını itirməz, Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat. Hüseyn sözün nə gizləyə, nə dana, Nə yaranar, daha doğar nə də ana. Gövhər mətahını açma nadana, Tök bazara, sərrafına yaxşı sat. * * * Yaxşıdı Əzəl bir adamla dostluq eyləsən, Onu çəksən imtahana, yaxşıdı. Baxdın, gördün, ilqarına kəc oldu, Ona tapsan bir bəhanə, yaxşıdı. Hər kimsə ki, olsa nütfədən halal, Şirin ləhcə, xoş sədaqət, düz xəyal, Anlaqlı, həm mərifətli, pürkamal, Kimdə olsa bu nişanə, yaxşıdı. Hüseynin sözləri aşikar olar, Qanana nəsihət yadigar olar. Çox gülüb danışan biilqar olar, Əhdə ilqar hər insana yaxşıdı. * * * Yeridi Çərşənbə günündə xas axşamında, Sallandı qarşımda sona yeridi. Başını oynatdı, gözüylə güldü, Bir ox vurdu, şirin cana yeridi. Quba qaz yerişli, maral baxışlı, İnnabı dodaqlı, mirvari dişli, Ucu gülabatın, xurmayı saçlı, Telində şirmayı şana yeridi. Yoxdur gözəlliyə qüsur, bəhana, Camalın şöləsi düşüb cahana, Hüseyni eylədi dəli-divana, Məcnun kimi biyabana yeridi. * * * == Gəraylılar == Başına dolandığım Səhər-səhər çıx qarşıma, Dur, başına dolandığım! Oğrun gözlə, qıyqaçı bax, Gör, başına dolandığım! Tellərin dönüb kəməndə, Gözəllər olub sərməndə, Qara saçı dal gərdəndə, Hör başına dolandığım! Hüseyndən aldın canını, Apardın din, imanını. Əsirgəmə müjganını, Vur, başına dolandığım! * * * Əlindən Nə qanır, nə qandırır, Dad-aman nadan əlindən. Qoymur ara düzəltməyə, Xuliqan şeytan əlindən. Namərd öldürər acından, Doymaz dünya xəracından, Ələkbər tamah ucundan, Döşədi astan əlindən. Hüseyn oldu işdən halı, Çox çəkildi qeylü-qalı, İki aylıq materialı, Verdilər pünhan əlindən. * * * Geyindi Bahar gəldi, çiçək açdı. Güllər qırmızı geyindi, Çırtıq dəydi, üz qanadı, Xallar qırmızı geyindi. Yarım yuxudan oyandı, İncidi, küsdü, usandı, Barmaq buxağa dayandı, Əllər qırmızı geyindi. Mayiləm mina gərdəna, Ağ bədənə, gül əndama. Zülfünə, qoyubdur xına, Tellər qırmızı geyindi. Qaş oymatdı, qıya baxdı, Könlümün evini yıxdı. Al geyindi, seyrə çıxdı, Çöllər qırmızı geyindi, Yarpaqları güldən təzə, Ağzı qaymaq, dili məzə, Hüseyn, canan gəldi bizə, Yollar qırmızı geyindi. * * * Üstünə Ey nazlı yar, gül yanağın, Xub yaraşır xal üstünə. Gümüş kəmər incə beldə, Düzülübdür pul üstünə. Gördün ki, yarın yar deyil, Çarəsin qılmaq ar deyil, Dünya başına dar deyil, Birini də al üstünə. Hüseyn ağlar zarı-zarı, Azalarmı qəm, qübarı, İtirmişəm nazlı yarı, Durum çıxam yol üstünə. * * * == Təcnislər == Tər sinəsinə Təbib təbiətdən yazım gələndə, Saldı qələmini tər sinəsinə, Dedim elm oxuyam, kamala çatam, Alim də oxutdu dərsi nəsinə. Yaxşılar pis işi tərk edə gərək, Xəstə şəfalansa dərk edə gərək, Tər gəzən, dünyadan tər gedə gərək, Tər gül də qoyula tər sinəsinə. Dönməz namərd mərdə yara yetirsə, Təbib neştər vurar yara yetirsə, Hüseyn, həsrət əlin yara yetirsə, Öləndə baş söykə tər sinəsinə. * * * Ya dəyə Nə lazımdır naqabilə söz deyəm, Xatirinə ya dəyməyə, ya dəyə? Sizin olsun, eyvan, otaq, alaçıq, Bizə bəsdir ya kölgəlik, ya dəyə. Pis övlada öyüd verər yaxşı ata, Yaxşı igid, süvar olar yaxşı ata. Kamil ovçu bərəsində yaxşı ata, Keçirəndə ya dəyməyə ya dəyə. Hüseyn deyər mail oldum Gülxara, Geyinmişdir atlas, ziba, gülxara, Qorxuram ki, qismət ola gül xara, Bağban ölə, dal budağı yad əyə. * * * == Cığalı təcnislər == Ay ata-ata Ay bimürvət, aldın şirin canımı, Müjganın sinəmə ay ata ata. Əziziyəm ay ata, Oğlun ölür, ay ata, Başım cəllad əlində, Sözüm keçmir həyata. Qaşın Qüreyşdi, camalın cimdi, Nə gözəl yazılıb ayat, ayata. Bülbül idin qondun qeyri dala sən, Mənim kimi qəm bəhrinə dalasan. Əziziyəm, dala sən, Dara zülfün dala sən Əlif olan qəddimi, Döndərirsən dala sən Məcnun kimi məni saldın dala sən, Xaraba küncündə ay yata yata. Yazıq Hüseyn, eşq oduna yanar hey, Qoynundakı ya turuncdur, ya nar hey. Əziziyəm yanar hey, Dərdin canda yanar hey, Tərlan könlüm havadan, Sona alıb enər hey. Namərd olan səməndindən enər hey, Mərd iyidlər minər ay ata, ata. * * * Ola Könül sevdi gözəllərin xasını, Qasidin əlində naməlum ola. Qarşıda naməlum, Hicran çəkdim naməlum, Rəqib evin yıxılsın, Yurdun olsun naməlum. Bir eyvan otaqda sürəm səfasın, Ağ tər sinəsində nəm əlim ola. Yaxşı olar gözəllərin halalı, Qəvvas çəkər dəryalardan ha ləli. Qarşıda halalı, Sirr ver, görsən halalı. Gözəlin bivəfası Axır canın hal alı. Sən də çalış, haqdan dilə halalı, Haramdan dövlətim, nə malım ola. Aşıq Hüseyn, dərdin yetər bir yüzə, Canan gəlsə canım verrəm bir üzə; Qarşıda bir üzə, Ördək göldə bir üzə, Bağban, yad qoyma bağa, Bir sındıra, bir üzə. Nütfədən qarışan verər büruzə, Nə fitnəsi kəsər, nə məlum ola. * * * == Müxəmməslər == Bilin Səhər durur kolxozçular Tarlaya katan aparır, Qəprətivə gələn malı Kölgədə yatan aparır, Növbədəki durub baxır Qarzınka atan aparır, Artıq çıxan qazanc pullar, Özünə cibistandı, bilin. Oxuyub, təlim alıb, Qanundan çıxmaq necədi? Bir süfrədə çörək kəsib, Ona kəc baxmaq necədi? Qızıl üzüyü anlamazın Barmağına taxmaq necədi? Hüseyn deyər, canavarı Qoyuna buraxmaq necədi? Batində yırtıcı qurd, Zahirdə çobandı, bilin. * * * Geri dur Şairəm, şüarayam, Bir lamü-ləngəm, geri dur! Aşiqəm, eşq əhliyəm, Divanə dəngəm, geri dur! Saymaram, baş əymərəm, Miri-sərhəngəm, geri dur! Mərdanə, hər meydana Mən pişi-cəngəm, geri dur! * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-huseyn-bozalqanli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.