Aşıq Mirzə Bilal. Əsərləri Aşıq Mirzə Bilal (1872–1937) == Qoşmalar == Arasında Surətdə mələksən, xilqətdə insan, Yoxdur bərabərin el arasında. Bir ovçu öz ovun görərsə əgər, Var qıya baxışın göz arasında. Var qıya baxışın canlar dilinə, Canımı qoymuşam can bədəninə, Düşməmisən tülək tərlan əlinə, Dağıda tükünü toz arasında. Dağıda tükünü tökə çöllərə, Dibaçə deyərlər hər məsəllərə, Laçın kimi baş vurursan göllərə, Sən də bir sonasan qaz arasında. Sən də bir sonasan, göldə üzərsən, Qıraq çıxıb qollarını süzərsən, Tovuz kimi ikiyanlı gəzərsən, Öldürdün məni sən naz arasında. Öldürdün məni sən naz qaşları fil-fil, Gözləri yasəmən, saçları sünbül, Sənin təki bir gül, mən təki bülbül, Yoxdur gülüstanda, yaz arasında. Yoxdur gülüstanda tayın, yoldaşın, Xuraman yerişin, qəh-qəh gülüşün, Tanınır görəndə ceyran baxışın, Var olsun daim min qız arasında. Var olsun daim o şirin dillərin, O şümşad qolların, gözəl əllərin, Aşıq Bilal deyər, ağ məmələrin Öləndə qəbrimi qaz arasında. * * * Başına döndüyüm, a Şirvan əhli Başına döndüyüm, a Şirvan əhli, Nə şəhər əhliyəm, nə də kənd əhli. Qəfil məni bir dilbilməz ovladı, Gecə-gündüz başı müsibətdəyəm. Sinəmə ox dəyib, yaram ağrıyır, Təbiblər bilməyir haram ağrıyır, Taqətim yoxdur ki, duram yeriyəm, Gör nə sevdalıyam, Məcnun dərdliyəm. Görmüşəm, sevmişəm, olmuşam bihal, Atam Mustafadır, öz adım Bilal, Yediyim-içdiyim olubdur halal, Soruşsaz əslimi, mən qəşədliyəm. * * * Bir tikə Çörək müqəddəsdir, çörək əzizdir, İnsanları yaşadandır bir tikə. Nadanlara zurna çalsan, eşitməz, Aqillərə dağ aşırar bir tikə. Yolçu yolda əgər qalarsa naçar, Bir tikə çörəklə məcazın açar, Qıyımlıya Cənnət qapısın açar, Qıyımsızı savaşdırar bir tikə. Həyat özü yaxşı-pisi ələyər, Hərəni öz bələyinə bələyər, Halallara uğurlu yol diləyər, Haramxoru dolaşdırar bir tikə. Bilal yazdı bu sözlərin sətrini, Cənnət meyvəsidir, duysan ətrini, Çörəyi düz kəsən bilər qədrini, Yerində qan barışdırar bir tikə. * * * Gəlginən Salam göndərirəm sənə, Ələsgər, Qədəm qoyub bu məqamə gəlginən, Dost olmaq istəsən mənimlə əgər, Bir axşam yeməyə şamə gəlginən. Neçə yerdən sorağını almışam, Gəldiyin yollara xalça salmışam, Gözləyirəm ixtiyarda qalmışam, Qonağa hazırdır xana gəlginən. Ustadla istərəm bir qılım söhbət, Sənətkar adına varımdır hörmət, Bilal ariflərə eyləyir xidmət, Şamaxıya, bizim yana gəlginən. * * * Gəlmədi Yenə bahar gəldi, növbahar oldu, Niyə mənim şux baharım gəlmədi? Hərə xürrəm oldu öz yuvasında, Gözlərim yoldadı,yarım gəlmədi. Onunla mənalı keçirdi günüm, Ürəyim açılmır, de necə, gülüm? Artıb bülənd olub göylərə ünüm, Cam sirdaşım, xiridarım gəlmədi. Fərhad Şirin üçün dağları çapdı, Sənan yar yolunda qalalar yapdı. Hamı istəyini aradı, tapdı, Nədən o xoş rüzigarım gəlmədi? Aşıq Bilal, göz yaşlarım selləndi, Muncuq kimi gözlərimdə gülləndi. Bir aj çəkdim, dilsiz daşlar dilləndi, Xoş günümdə səbəbkarım gəlmədi. * * * Gedəcək Dəli könül, heç ahu-zar eləmə, Hər iş qaydasında keçib gedəcək. Dünyanı dördəlli qamarlayanlar, Əcəl şərbətini içib gedəcək. Qapında var olsa süfrəndə aşın, Dostların çoxalar, ucalar başın. Bədbəxtlik üz versə, qohum-qardaşın, Hərəsi bir yana qaçıb gedəcək. Sirrini söyləmə vəfasızlara, Xəyanət eyləyər əhdə, ilqara. Yalançı dostunu çəksələr dara, Sirrini aləmə açıb gedəcək. İstər nökər olsun, istər hökmdar, Dünyada hər kəsin ömür payı var... Bir gün də gələcək Bilal dili-zar, Bu fani dünyadan köçüb gedəcək. * * * Gördüm Çəmənlər qoynunda, güllər içində, Mən səni çiçəklər əlində gördüm. Şəkəri, badamı, noğulu, qəndi, Ağzında, ləbində, dilində gördüm. Zülfün kimi görməmişdim kamanı, Səni gördüm, atdım dini, imanı. İncini, mərcanı, qızıl şananı, Qolunda, boynunda, telində gördüm. * * * İnciyər Can-i dilim, hədyana yol vermə gəl, Cüda düşər səndən, ellər inciyər. Adam kobudluqdan sınar, - demişlər, Gülə də kəm baxma, güllər inciyər. Nadan adətkardır dodaq büzməyə, Meyl edər qəlb qırıb, ürək üzməyə, Göl yaranıb sonalarçün üzməyə, Yaşılbaş sonasız göllər inciyər. * * * Kamın al Səy göstərib bu meydana çıxanda, Məclislərdən, toy-büsatdan kamın al. Çal-çağır, yaz-yarat, elə xidmət et, Nəcib dolan, xoş büsatdan kamın al. Dildə duva gəzdir, öldür şeytanı, Bihudə əmələ sərf etmə canı. Vermə əldən mərifəti, imanı, Düz peyman yaradan dostdan kamın al. Aşıq Bilal, nə uymusan dünyaya? Tədarük gör, köç vaxtında üqbaya. Sağsan, baş çək doğmaılara, obaya, Gəl doyunca bu həyatdan kamın al. * * * Sevgilim Gecə-gündüz həsrətini çəkməkdən Günümü eylədim qara, sevgilim, İnsaf eləmədin, mürvət etmədin, Çəkdirdin sən məni dara, sevgilim. Bir dərdim var yar əlində çarası, Dərmanımdır iki qolun arası, Biri alma, biri heyva parası, Həsrət qoyma şirin nara, sevgilim. Gözün cəllad, kipriklərin kamandır, Vüsalından ayrı düşmək yamandır, Bir busə ver, ləblərindən amandır, Ciyər oldu para-para, sevgilim. Mehman olub otağında yatmadım, Ov bərədən keçdi oxu atmadım, Bilal deyər, vüsalına çatmadım, Qismət olma sitəmkara, sevgilim. * * * Oğlum Düşmənin düşməndir, sən ki, bilirsən, Dostundan gəl gözlə özünü, oğlum. Demirəm danışma, oynama, gülmə, Bildirmə sirrini, izini, oğlum. Çoxalar dostların – ucalsa başın, Yaxşı gündə yaxşı olar yoldaşın, Qazancın azalsa, tükənsə aşın, Görməzsən onların üzünü, oğlum. Daralma dünyada, etmə namərdlik, Daralsa barmaqdan çıxarmı üzük? İstəsən vüqarın olsun uca, dik, Onda de hər sözün düzünü, oğlum. Güvənmə şöhrətə, güvənmə ada, Vermə ömrü-günü havayı bada. Atan Bilal deyir gələrsə qada, Naçar qalıb yumma gözünü, oğlum. * * * Olma Məzluma hörmət et, qolundan yapış, Əlindən var-yoxun alandan olma. Haqq yoldan yayınma, sən Adəm kimi, Nəfsindən peşiman olandan olma. Həmişə qar olmaz dağların başı, Qaçırma özündən yarı, yoldaşı. Qohumu, qardaşı, yarı, sirdaşı, İlan tək yalmanıb çalandan olma. Beş gün bu dünyada ömr edər hərə, Hərəsi meyl edər bir cür gövhərə.. Baxginən Cəmşidə, peyğəmbərlərə, Mütini qürbətə salandan olma. Seyrağub insandan yan dolanginən, Salma bu dünyada qan, dolanginən. Hər kəsə can denən, can dolanginən, Hərcayı söyləyib güləndən olma. Mirzə Bilal, möhkəm yapış halaldan, Bunu öyüd aldın ata-anandan, İstəyirsən get xəbər al mahaldan – Zalımın qaydına qalandan olma. * * * Olubdur Bu dünya mülkündə, qədim zamanda, Neçə-neçə nahaq qanlar olubdur. Vətəni uğrunda canından keçən, Babək kimi qəhrəmanlar olubdur. Süleyman başına qoyan təki tac, Balıqdan dəryada istədi xərac, Pir olmuş, olmaz o padşaha möhtac, Neçə belə Süleymanlar olubdur. İsgəndər at sürdü şimala-şərqə, Göz dağı çəkdirdi cənuba-qərbə, Beş arşın kəfənlə qoyuldu qəbrə, Bilal, belə çox xəqanlar olubdur. * * * Yaxşıdır Namərd ilə şirin şərbət içməkdən Mərd ilə içməyə ağu yaxşıdır. Yalançı molladan, qanmaz sufidən, Mey paylayıb qanan saqi yaxşıdır. Aşıq Bilal aşıqların atası, Qəşəd kəndi olub yurdu-yuvası, Bir insana əgər dəysə xətası, Kəsilsə qolunun sağı, yaxşıdır. * * * == Gəraylılar == Bitir Aşıq, gəl bir söz yazanda, Zidininə get sətir-sətir. El sənə əhsən söyləsin, Kəlamından yağsın ətir. Qış xislətin qoy qırağa, Çox meyl etmə ağlamağa. İldırım çax yağa-yağa, Bahardan müjdələr gətir. Kəsə et sözü mənalı, Bəzən düzlu, müəmmalı. “Pətəyində” beçə balı, Cana şəfa kimi yetir. Hər çiçəkdə şirə axtar, Ürəyində yansın odlar. Çox uzatma, həcvə çıxar, Bilal, qısa elə, bitir. * * * Elə Tut orucu, qıl namazı, Allahına xidmət elə. Məkkə olsun qibləgahın, Sən haqqa inayət elə. Qəlbini gül kimi saxla, Yaxşını, yamanı yoxla. Cənnət qazan, düzü haxla, Məramını şəfqət elə. Sidqini bağla Allaha, Naümid qoymaz səni mövla, Gecə-gündüz elə dua, Aşkara, həm xəlvət elə. * * * Kəklik Vurulmuşam camalına, Gəl dərdimi qan, a kəklik. Gəlin kimi ayağına, Sən qoymusan xına, kəklik. Başın yaşıl, gözün qara, Oxşayırsan nazlı yara, Qaçma bizdən uzaqlara Qal bu yerdə, sona kəklik. Qış sovuşub yaz gələndə, Qız, gəlinlər gül dərəndə, Onlara gəl qarış sən də, Qaçma məndən yan, a kəklik. Azad dolan bizim yerdə, Son qoymuşuq qəmə, dərdə, Aşıq Bilal məclislərdə Nəğmə desin sana, kəklik. * * * Ola Allah bu zalım divanı Yıxıb bir dəyişərmi ola? İlahidən yanan çıraq Bizim yurda düşərmi ola? Əyilməz möhkəm vüqarım, Tükənməzdir arzularım, Görən, ya Rəbb, intizarım Ürəyimi deşərmi ola? Qan ağlayır tamam hər yan, Tapılmamış dərdə dərman, Boran, çiskin, bu kor duman, Bu dağlardan aşırmı ola? * * * Öldürdü Məni bir qələm qaşlının Nazı öldürdü-öldurdü. Çiyni xurmayı saçlının Sözü öldürdü-öldürdü. Ağ əllərə hana yaxdı, Zülfünü boynuma taxdı, Naz eləyib mənə baxdı, Gözü öldürdü-öldürdü. Yar başına dolanmazdım, Eşq oduna qalanmazdım, Əğyar olsaydı yanmazdım Özü öldürdü-öldürdü. Dəryalarda olar ada, Mənə gəlsin yardan qada, Bilalı yar, bir də bada, Düzu öldürdü-öldürdü, * * * Var Ürəyimiz çiçəklənir, Elin əcəb cəlalı var. İndi bizim insanların Nə dərdi, nə məlalı var. Nələr görür bu gün gözüm, Çalxan, ey ilham dənizim, Gülür könlüm, sazım, sözüm, Nə sorğu, nə sualı var. Yoxdu izi intizarın, Getdi dövrü boran, qarın, Şən ellərin, obaların, Dastan deyən Bilalı var. * * * Dünyadı Ay sevənim, sev məni Dünya bekara dünyadı. Ona uyub küsmə məndən Gəlməyən kara dünyadı. Bilməzsən dostdu-düşməndi, Xəyalı tez dəyişəndi, Qəfildən üzü dönəndi, Etməyən çara dünyadı. Bərkdə-boşda yox hünəri, Verdiyini alar geri, Bilal kimi aşıqları Yandıran nara dünyadı. * * * Düşmüşəm Aman Allah, dada yetiş, Gör, nə bəlaya düşmüşəm. Eşqin odu düşüb cana, Qalıb cəzana düşmüşəm. Günəş üzü, ay sinəsi, Aləmi tutub şöləsi, Baldan şirindi kəlməsi, Canımı cana vermişəm. Qulağında qızıl tana, Zülfünü atıbdır yana, Bilal deyir yardan mənə Gəlib nişana, almışam. * * * Düşüb millət arasına Bu ədavət nədir, balam, Düşüb millət arasına? Dedi-qodu, qeybət, yalan Düşüb millət arasına. Qan-qan deyən, insafa gəl, Nəyə lazım silah-səngər. Köhnə bəla, təzə əngəl Düşüb millət arasına. Yaxşı bilir bütün mahal, Keçsin deyə bu ağır hal Saz götürüb Aşıq Bilal, Düşüb millət arasına. * * * == Bayatılar == Bayatılar Mən aşıq, ləngə bizi, Qəşədi, Ləngəbizi. Qobunun tozlu yolu, Salıbdır ləngə bizi. Mən aşığam Qobuda, Qobustanda, Qobuda. Dönəydim sal daşlara, Qalaydım o Qobuda. Mən aşığam hər saat, Yağsa, yağar bir saat, Su götürər aləmi, Aşıb-daşsa Pirsaat. Mən aşığam, bu dağlar, Bu dərələr, bu dağlar. Yar busəsin görməsəm, Getməz məndən bu dağlar. Mən aşığam yazım var, Baharım var, yazım var. Sənin varın-dövlətn, Mənim isə sazım var. Aşığam, qaravəlli, Qonşumuz Qaravəlli. Sevirəm mən o yarı, Çal gəlsin Qaravəlli. Mixək əkdim, açıldı, Zülf gərdəndən saçıldı. Cürə sazım çalanda Bütün qəlblər açıldı. Yağış yağar Şirvana, Gün doğar hər bir yana, O deyilmi yar gəlir, Şam kimi yana-yana. Şirvan çiçəkdi-güldü, Yağış yağdı, kəsildi, Yarım yola çıxacaq, Hələ gülüzəndədi. Gəl dayanaq yan-yana, Oxuyaq qana-qana, Açıq söz qəlbi qırar, Keçmə həcvü-hədyana. Yetirdim yara zəndi, Gülün bağrı zədəndi , Sən gülsən, mənsə bülbül, Bülbül ki gül üzəndi. Çək mizrabı sazına, Simlər, qoy, gəlsin cana, Görən cavab verərmi, Səsinə-avazına. Xanım xalın dən-dəndi, Pərişanlıq nədəndi, Səsin ağlım apardı, Sözlərinsə üzdəndi. Sənəm qəsd edər cana, Dost yolunda qurbana, Tale qismət edəydi, Bir gələydim Şirvana. Bilal əhli-düzdəndi, Şirvan gülü bizdəndi, Sən Qəşədə qədəm qoy, Qulluq etmək bizdəndi. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-mirze-bilal İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.