Aşıq Nəcəf Əlimərdanlı. Əsərləri Aşıq Nəcəf Əlimərdanlı (1900–1946) == Qoşmalar == Ay gözəl-gözəl Yer var ki, yol düşüb, karvan işləməz, Dost dərməz güllərin, ay gözəl-gözəl. Meylim səndən qeyri yarı istəməz, Sevmişəm xalların, ay gözəl-gözəl. Aşıq, cananına xanə sin də bax, Zər-ziba qumaşa xanəsində bax, Əcayib əyləşmiş xanəsində, bax, Darayıb tellərin, ay gözəl-gözəl. Seyraqubun əli yardan boş qala, Divansız eşq görməmişəm, boş qala. İnsafdırmı, sən gedəsən, boş qala. Sonalı göllərin, ay gözəl-gözəl. Nəcəf deyər, gözüm ay rövşən olsun. Gün doğub aləmə ay rövşən olsun. Sən bizə gələndə Ay rövşən olsun, O cada yolların, ay gözəl-gözəl. * * * Bir zaman Əsli haram olsa varın, dövlətin, Artıb dövlət olmaz, itər bir zaman. Olarsa həyatda vəfalı dostun, Qaldırıb qolundan tutar bir zaman. Alova düşsən də dostu unutma, Hər nadan sözüylə ilqarı atma, Şeytana bac verib zalımlıq etmə, Müşkülün, mətləbin bitər bir zaman. Bulunma şər işdə, bulunma qalda, Tamahın olmasın şöhrətdə, pulda, Xüdpəsənd olmasan qalmazsan darda, Tərəqqin halını ötər bir zaman. Nəcəf, məhəbbəti çoxdu insanın, Süfrədə nan yeyib çörək basanın, Əsli zinakarın, yollar kəsənin, Çardağı üstünə yatar bir zaman. * * * Dünyada Vəzifə bir atdır, hər minən çapar, Nəcabəti olan bilər dünyada. Atalar sözüdür, axtaran tapar, Gəzən bəlasını bular dünyada. Övlada vəfa yox, ömrə etibar, Lazımsa, cənnəti özünlə apar. Simuzər toplayıb, vurasan anbar, Əli boş gedərsən, qalar dünyada. Alçaqda oturub, hündürdən vurma, Şərə fitnə verib, hiylə də qurma, Çox alçaq dolanma, lovğa da durma, Lovğalıq insanı salar dünyada. Nəcəf, xaliq sənə bəxş eyləyib sur, Ucaltma özünü, bir havada dur. Dağlardan uca da olsa təkəbbür, Çox ucalmaz, tez alçalar dünyada. * * * Dünyada Varlıya dost olub,kasıba gülmə, Çox da havalanıb,coşma dünyada. El səni istəyib, keçirsə başa, Ağır ol, alçağa düşmə dünyada. Oturub-durgunan qədir bilənnən, Vəfalı dost olmaz üzə güləndən, Bir igid ki, sən öl,-desə yalandan, Onun körpüsündən keçmə dünyada. Əsil oğul əkər bil, əsil ata, Ölüncə kimsəyə yetirməz xəta, Yeri gəlsə. xeyir verər elata, Onun arxasından qaçma dünyada. Bu sözü xoşlayar bir arif, əyyar, Əsilsiz insana nə yapış, yalvar. Qonşuya söyləyər, mahala yayar, Seryaquba sirrin açma dünyada. Nəcəf, gəz dünyanı təmiz adınan, Təklif olsa, bir məclisə gedinən, Bir dost sənlə olsa, sözü yadınan, Onu düşmənindən seçmə dünyada. * * * Dünyada Varlıya dost olub, kasıba gülmə, Çox da havalanıb, coşma dünyada. El səni istəyib, keçirsə başa, Ağır ol, alçağa düşmə dünyada. Oturub-durgunan qədir bilənnən, Vəfalı dost olmaz üzə güləndən, Bir igid ki, sən öl,-desə yalandan, Onun körpüsündən keçmə dünyada. Əsil oğul əkər bil, əsil ata, Ölüncə kimsəyə yetirməz xəta, Yeri gəlsə. xeyir verər elata, Onun arxasından qaçma dünyada. Bu sözü xoşlayar bir arif, əyyar, Əsilsiz insana nə yapış, yalvar. Qonşuya söyləyər, mahala yayar, Seryaquba sirrin açma dünyada. Nəcəf, gəz dünyanı təmiz adınan, Təklif olsa, bir məclisə gedinən, Bir dost sənlə olsa, sözü yadınan, Onu düşmənindən seçmə dünyada. * * * Həmişə Qafil olma, diqqətinən fəhm eylə, Yaxşını, yamanı tanı həmişə. İstəsən ki, murazına çatasan, Abad istə, sən, dünyanı həmişə. İcazəsiz bir gül üzmə butadan, Gen gəz qalmaqaldan, gen gəz xatadan. İgid oğul törər əsil atadan, Qoymaz olsun nahaq qanı həmişə. Mərd igid meydanda qoyar sərini, Yada salar ustadını, pirini. Axtarar dayazı, gəzər dərini, Qoyar dost yolunda canı həmişə. Şamama bitirməz namərdin tağı, Yığılmaz başına ağır yığnağı, Mərdin qaydasıdır əylər qonağı, Açar süfrə, tökər nanı həmişə. Dilində zikr elə, Əli - İmranı, Odur qiyamətdə haqqın divanı. Nəcəf, mərifətlə dolan dünyanı, Sən ol xalqın mehribanı həmişə. * * * Qadasın aldığım Kənar gəzmə, yar, otağa qədəm bas, Asta-asta gəl, qadasın aldığım! İnsaf eylə, məhəbbəti unutma, Kəsmə bizdən yol, qadasın aldığım! Axtarıb Nəcəfi eyləsin soraq, Ələ düşməz azad dövran, bu növraq. Sönməz nurdan gələn belə bir çıraq, Tarix boyu bil, qadasın aldığım! * * * Ola Arayıb, axtarıb bir yar sevəsən, Ağıl- mərifətdən ustakar ola. Qohumla, qonşuyla bəd dolanmaya, Mülayim kəlməli, dil şəkər ola. Əvvəl əsil ola ata-anası, Ola gözəlliyin hər nişanəsi. Ellər tamaşası, göllər sonası, Gözəllər içində bir ülkər ola. Nola, qocalmayıb qalasan cavan, Çəkəsən dövranı bir neçə zaman. Yanaq gül qönçəsi, üzü məhtəban, Qüdrətdən qaşları qələmkar ola. Nəcəf, elə canı hər ana doğmaz, İgidlər ahınnan buludlar yağmaz. Adam var ki, dərdi dəftərə sığmaz, Özü yaxşı ola, yar bekar ola. * * * Olar Nagahdan atılsa mərd igidə daş, Görmə bir kimsədən, o dostdan olar. Namərdin yarası öldürməz mərdi, Pozular damağı, həvəsdən olar. Göz açıb dünyaya qıldım tamaşa, Kim qaçar qəzanın toruna düşə, İki həsrət bir-birinə qovuşa, O gün cənnət bağı gülüstan olar. Mətahım qəlp oldu, al qumaşım bez, Gəl biçarə Nəcəf, hər cəfaya döz. Yayılar aləmə nəsihətli söz, Ariflər dilində bir dastan olar. * * * Yaxşıdı Kamal sərf edənlər, kamil olanlar, Əgər qulluq etsən, sənət yaxşıdı. Sözün ötkün ola, yığvalın kəskin, Olasan hər işə bələd, yaxşıdı. Zurnaçı ac olar, aşıq dilənçi, Tozdan nəf götürər bil dəyirmançı, Avara sənətdi misgər, qalayçı, Dəllallıqdan bilsən lənət yaxşıdı. Bir gün səfər eylər ömrünün köçü, Qanana dərindi mətləbin içi, Dünya bir bazardı, insan alverçi, Nəcəf, alsan sən rəhmət, yaxşıdı. * * * Yetir Əsən yellər, bir Allahın eşqinə, Yazdığım naməni vətənə yetir. Bəndədən bəndəyə kəramət olmaz, Qeyzinən Xeybəri atana yetir. Yellər, ərzi-halım söyləynən mərdə, Haqq divan eyləyən Ruzi-Məhşərdə, Möcüzət göstərən Şəhri-Bərbərdə, Qul deyib, özünü satana yetir. Qəribəm, qürbətə atıldı daşım, Tufana qərq oldu neçə yoldaşım, Müşküləm, ol Şaha düşübdür işim, Ərşin sütunundan tutana yetir. Bir kimsənə deyim, İslama pənah, Onun da xətrini çox istər Allah. Qılıncı Zülfüqar, atı Zilcənah, Zəlillər dadına çatana yetir. Nəcəfin də gözü yoxdu sağında, Tərlan idi, qaldı sar oylağında. Qiblə tərəfində, Ağrı dağında, Nuhun gəmisində yatana yetir. * * * == Gəraylılar == Qadasın aldığım Səhər səhər əsən yellər, Əsmə, qadasın aldığım. Əl mənimdir, ətək sənin, Kəsmə, qadasın aldığım. Səhərin əsən yelləri, Yana dağıdır telləri, Dəstində qızıl gülləri, Məsmə qadasın aldığım. Alt yanımız bağça-bağdı, Üst yanımız qarlı dağdı, Nəcəfin də ərki vardı, Küsmə, qadasın aldığım. * * * Oyanmaz Qaşı cəllad, gözü yağı Yatıb oyanmaz, oyanmaz. Qəm hicranı yenə mənə, Satıb oyanmaz, oyanmaz. Alım yarın qadasından, Bəlkə içəm badasından. Şirin söhbət vədəsindən, Ötüb oyanmaz, oyanmaz. Şirmayı düzüb sazına, Bülbül gəlir avazına. Yusif kimi murazına, Çatıb oyanmaz, oyanmaz. Götürüb hicran daşını, Qovğaya saldım başımı. Nazlı yar, qəflət quşunu, Tutub oyanmaz, oyanmaz. Nəcəf kəsməz həvəsini, Tərlan gəzər yuvasını. Ağ üzündən cunasını, Atıb oyanmaz, oyanmaz. * * * == Nəfəsçəkmə təcnis == Ay eylər of-of Bağban bar bəsləyib bara yetəndə, Dərəndə meyvəsin eyləməzmi isss... Yar badə dəstində yara yetəndə, Dadanda ləzzətin eyləməzmi isss... Bekar arvad cavan əri qocaldar, Küsər öz bəxtindən ay eylər of-of! Çalış hər bir işə yara, yetəndə, Dərdə əlac olar yara yetəndə, Həsrət çəkən könül yara yetəndə Görüş zamanında eyləməzmi isss... Bir bədəsil çıxsa yaxşı nəsildən, Görənlər ah çəkib ay eylər of-of! Elə danış deməsinlər səy sənə, Bir dərdimi yetirmisən səysənə, İnsan qəfil yuxusundan səysənə, Oyanıb yuxudan eyləməzmi isss... Mərd igidin sərəncamı pozulsa, Dost görər yurdunu, ay eylər of-of! Nəcəf deyər, dost qadanı az alım, İnsafdırmı mən dərdindən azalım. Sən gələndə biz tərəfə, a zalım, Həsrət çəkən könül eyləməzmi isss... Bir səyyad ki, şikarını bulmaya, Boylanar dalınca, ay eylər of-of!!! * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-necef-elimerdanli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1946). Public domain (author died 1946). Original text only.