Aşıq Ömər. Əsərləri Aşıq Ömər (1621–1707) Səndədir Getmənəm obağdan, çıxmasın adın sənin, Söylənməsin heç bir yerdə yeməli zadın sənin, Əmdim şirin dodaqların, bal dadır dadın sənin, Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir, Versələr dünya xəracın, bil ki, gözüm səndədir. Girdim dostun bağçasına, nübar üzdüm yeməyə, Yara bir cüt sözüm vardı, utanırdım deməyə, Ol qədər ki mən yanaram ayda, ildə görməyə, Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir, Versələr dünya xəracın, bil ki, gözüm səndədir. Girdim dostun bağçasına, gül açmış fincan kimi, Ağ üzündə iki xal var, hər biri mərcan kimi, Gəl soyunaq, bir də yataq, iki tində bir can kimi, Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir, Versələr dünya xəracın, bil ki, gözüm səndədir. Aşıq Ömər, geyməsəydi ayağının məstini, Zalım Bəkr kəsdirmişdir ağ məmənin üstünü, Mən bəs kimə şikvə edim, aldı sadiq dostumu, Küsmə, dilbər, barışalım, hər qəbahət məndədir, Versələr dünya xəracın, bil ki, gözüm səndədir. * * * Şübhənmi var? Ey könül, dar-i fənadan köçməyə şübhənmi var, Ol əcəl cami-şərabın içməyə şübhənmi var, Əzrail gələndə köksün üstünə sən qorxudan, Gözlərindən qanlı yaşı tökməyə şübhənmi var Yer üzündə çalınıb sur, cümləmiz qalxsaq gərək, Fani də itməz deyib dörd birinə baxsaq gərək, Torpağı vətən tutub bir neçə il yatsaq gərək, Tər türab içrə tənin el gömməyə şübhənmi var Gün bə gün, saat bə saat ömrümüz keçməkdədir, Şol qəfəsdən can quşu fəryad edib uçmaqdadır, Buna fani dünya deyirlər, yıxılıb uçmaqdadır, Cəm olub məxluq kəfənin biçməyə şübhənmi var Ah edib isyanıma dərdi-dərunum tab ilə, Birliyin bildirdi Mövla bizə dörd kitab ilə, Sən o öndə uca yaşıl sancağın əshab ilə, Ey Ömər, məhşər günü diz çökməyə şübhənmi var * * * Bilmən kimindir Tuyğunmu, qovğun yoxsa sonamı, Şunda bir tilli var bilmən kimindir, Nəsib olub bizim gülə qonamı, Bir pərli ballı var bilmən kimindir Vəhdətinə dəlil etmiş xudası, Məftundur şəhrin bayı və gədası, Məst elədi aləmi şirin ədası, Bir dadlı dilli var bilmən kimindir Qəmzəsi cəlladdır, gözləri xuni, Vəlvələyə verdi çərxi gərdunu, Manənd Tubadır qəddi-mövzunu, Bir incə billi var bilmən kimindir Şəkər dadı verən ləbi qəndidir, Onun üçün aləm dərdməndidir, Sanma Yaqub oğlu Yusif kəndidir, Yanağı güllü var bilmən kimindir Ömər aydır nuş edəli eşqin səmindən, Sur tolmadı getdi dərd və qəmindən, Söyləsə dür tökər qönçə fəmindən, Bir üzü xallı bilmən kimindir * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-omer İctimai mülkiyyət (müəllifin vəfat ili: 1707). Public domain (author died 1707). Original text only.