Aşıq Şenlik. Əsərləri Aşıq Şenlik (1850–1913) == Qoşmalar == Bağışla məni Familyan Vəzirov vilayət xanı, Şərəfi Hatəmsən səxavət kanı, Yeri, göyü, ərşi, kürşü rəhmanı, Xəlq edib düzənə, bağışla məni. * * * Bəyim Sənsən Qul Şenliyin xoş vəfadarı, Ol səbəbdən gəldim bu yana sarı, Şulaver elinin qoruqçuları, Bizi soyub yola saldılar, bəyim. * * * Bu gecə Yığılın əhbablar, yaran yoldaşlar, Bir sağalmaz dərdə düşdüm bu gecə. Hikməti-pir ilə abu-züladan, Kövsər bulağından içdim bu gecə. Qüdrət məktəbində verdilər dərsi, Zahirdə göründü ərş ilə kürşü, Hifzimdə zəbt oldu ərəbi - farsi, Lüğati-imranı seçdim bu gecə. Səfil Şenlik haqdan buldu kamalı, Bu fikirlə vəsli halım deməli, Bədirlənmiş gördüm gözəl camalı, Təğayür hal olub çaşdım bu gecə. * * * Dah deyiniz, qızlarım, dah deyiniz Mən də gəlirdim Qarsın elindən, Əylənin yəhəri alım belindən, Kimi quyruğundan, kimi yalından, Dah deyiniz, qızlarım, dah deyiniz. * * * Əfəndim Səməd bəynən İsmeylin seyrinə vardım, Bu diyarı gəzə-gəzə əfəndim. Səməd bəy namində bir vəzir gördüm Vəsvini qaldırram saza əfəndim. Ağam Səməd bəydi onların başı, Mehralı şahların alıcı quşu, Yanında var çox əjdaha yoldaşı, Nə düşdün olarnan bəsə əfəndim. Oları göndərdilər Sibir elinə, Çox bəlalar gəldi olar sərinə. Hökmnən vurarlar qılınc zoruna Düşüblər aləmdə səsə əfəndim. Alosman elinə talan saldılar, Cəlalı kürdünə qılınc çaldılar, İran ölkəsindən xərac aldılar, Şahıda qoydular yasa əfəndim. Səməd bəy dediyin zəhmi ağıdı, Hökm eyləsə yüz qazağı dağıdı, Sarı qazax onlar üçün yağıdı, Qıymadılar qırmızı fəsə əfəndim. Əmr etsələr yüz qazağı çalarlar, Onları görənlər heyran qalarlar, Aşıqlıqdan əhli mərifət qanarlar, Müşdahdılar saznan sözə əfəndim. Ağam Səməd bəydi ləzgi qırımlı, Paşa səltənətli qulaç Kərimli, Bəlli bədöy minir bir can verimli Heç baxmırdı çoxnan aza əfəndim. Şenlik mat edər qoç igidin pirini, Heç namərdə verməz onlar sirini, Səməd bəynən İsmeylin yerini, Verməz onan başqa kimsə əfəndim. * * * Əlif-lam “Əlif”dən sürahi alagöz yarım, “Ba” babi cahanda qılmana bənzər. “Te” təkmil muyları cilvələnibdi, “Se” sərxoş sallanıb sərgəndər gəzər. “Cim”dən hicab edər, “ha”dan hayalı, “Xa”ya müştaq olur fikir, xəyalı, “Dal”ın daldası var, qəmər ziyalı, “Ze” zalım qətlimə fərmanı yazar. “Re”dən iraq düşdüm, mənzilim cüda, “Za”zar çəkib zardan yanaram oda, “Sin” səlbi boyludu, yar mələkzadə, “Şin” şövqü günəşdir, hüsnü ləli-zər. * * * Can sağ ikən yurd vermənih düşmana Əhli-İslam olan eşitsin, bilsin, Can sağ ikən yurd verməniz düşmana. İstərsə Uruset nə ki var gəlsin, Can sağ ikən yurt verməniz düşmana. Qurşanın qılıncı giyinin donu, Qavğa buludları sardı dört yanı. Doğdu qoç iğidin şan almak günü, Can sağ ikən yurd verməniz düşmana. Əsgər olan bölük-bölük bölünür. Sandınızmı Kars qalası alınır, Boz atlar üstündə qılıç çalınır Can sağ ikən yurd verməniz düşmana. Ben esverdir bilin Urusun əsli, Orman yabanisi, balıqçı nəsli. Hınzır sürüsünə dalıb qurd misli, Can sağ ikən yurd verməniz düşmana. Şenlik, nə durursuz atları minin, Sıyrı qılınc düşmən üstünə dönün. Artacakdır şanı bu Al-Osmanın, Can sağ ikən yurt verməniz düşmana. * * * Çəkər Sevda sitəmindən cismim səd parə, Qəm ləşkəri bu hicrana mil çəkər. Loğman-təbib olub sağaltsa yaram, Kim bilir, müddəti neçə il çəkər!?. Hicran alayları doymaz qanımdan, Görən ibrət alar Nuh tufanımdan. Cəllad kimi tutub gireyvanımdan*, Nə alar canımı, nə də əl çəkər. Şenliyin fəryadı yeksan-xak kimi, Salıbdı lərzəyə qəm əflakımı. Məndə olan dərdin hicran yükünü Nə kirədar daşır, nə də fil çəkər... * * * Getdi Necə ağlamayım, necə yanmayım, Sonam, düşdü məndən aralı getdi. Bir ox atdı, sinəm san-şan eylədi, Sağı cismim yandı, paralı getdi. Hicran qəhrindəyəm, bağlıdı qolum, Sevda həsrətindən qalmayıb halım. Canıma susayan o qanlı zalım, Məni qoydu qəmdə, yaralı getdi. Sanki bir mələkdi əlvanlı donda, Pürrü pərvaz eylər hərə bir yanda, Şenlik der, taqətim qalmadı canda, Kəsildi səbrimin qərarı getdi. * * * Gəlir Millət komutanı Vağarşah ağa, Səbr eylə başına gör nələr gəlir. Yığıbsan başına bir bölük dığa, Demə ki, onlardan bir hünər gəlir. Uyma canfidaya, o qaxdağana, Bir gün şəhərini verər talana. Nə Bakıya bənzər, nə də Şirvana, Hazır ol üstünə yüz min ər gəlir. Şörəyel sancağı yalnız qalıbdı, Ağbaba bu işə müştaq olubdu, Min beş yüz Çıldırlı hazır gəlibdi, Keçib başı-candan, sərbəsər gəlir. * * * Görübdü Necə söz deyəsən qəm ərbabına, O da sənin kimi zəri görübdü. Dindirəndə haldan olar xəbərdar, Cəbrə düşüb hər əfkarı görübdü. Dost dostuna etsə iqrar imanı, Qiyamətə gedər müddət zamanı. Könül uman yerdən kəsməz gümanı, Çün əzəldən etibarı görübdü. Şenliyin zehnini verməyin zaya, And verirəm, o yaradan Xudaya. Bel bağlama dövrü keçən gədaya, Neçə əyyam ruzigarı görübdü. * * * Gündü Bu günə deyərlər qurban bayramı, Hacılar murada yetdiyi gündü. Səksən min ehtacı doxsan min hacı Alıf Arafata getdiyi gündü. Bir gecə guşumda əmr etdi Cəlil, Kağızı qələmi alıfdı dəlil, Arafat dağında İbrahim Xəlil, İsmayılı qurban etdiyi gündü. Quyunun içində Yusufu kənan Haqqın dərgahına gətirdi güman Dadına yetişdi ulu bəzirgan Götürüb misirdə satdığı gündü. Aldandı iblisə yazıdı bəyin Onu eşidənlər hep lənət deyən, Kərbəla çölündə imam Hüseyn Qızıl qan içində yatdığı gündü. Şenlik der Peyğənbər getdi Mehraca, Dürdən libas geyib yetişdi taca, Qənimət gətirdi yerah möhtaca, Əli də gah-gaha tutduğu gündü. * * * Xoş gəldin Ey böyük vəsfikar, böyük sənətkar, Qədəm qoydun bu diyara xoş gəldin. Səni gördüm mənim könlüm şad oldu, Qədəm qoydun bu diyara xoş gəldin. Sən ümmansan, dərya sənə tay olmaz, Ulduz günəş olmaz, ülkər ay olmaz, Hər aşıqlar bu sənətdə sayılmaz, Qədəm qoydun bu diyara xoş gəldin. Mən Aşıq Şenliyəm, bəllidir adım, Şahi-mərdan olub mənim ustadım, Deməynən qorxuram, ucadır zatım, Qədəm qoyun bu diyara xoş gəldin. * * * İxtiyarlıq Bu dünyanın səfasını sürmədən Nə tutdun yaxamı ay ixtiyarlıq. Əvvəlki dövranım düşər yadıma Əl götür yaxamdan, qoy ixtiyarlıq. Alıb verir dizlərimin yelini, Əydin qamətimi, bükdün belimi. Yaxın ikən iraq etdin yolumu Günlük yolum oldü ay, ixtiyarlıq. Dayaqsız bir addım ata bilmənəm, Tük döşək üstündə yata bilmənəm, Altı aylıq cocuğa yetə bilmənəm, Etdin sabilərə tay ixtiyarlıq. Sultan idim dağ başında mən əzəl İndi tökülənlər könlümdən xəzəl. Məni görüb gülər idi hər gözəl Onu da ömrümə say, ixtiyarlıq. Sulandı gözlərim, zay oldu işlər, Ağız papucladı, töküldü dişlər, Ürkməz oldu məndən yerdəki quşlar, Çəkərəm əlindən huy, ixtiyarlıq. Səfil Şenlik böylə bir halə gəldi, Eşq ucundan bənzi saraldı soldu, Evladi-əyalım tərkimi qıldı, Axır günüm oldu zay ixtiyarlıq. * * * İmiş Cibgirləri var ki, gözdən qıl qapar, Hər biri bir yandan ölkəni çapar, İynəynən axtarar, qapını tapar, İblisdən oyunbaz, hiyləgər imiş. Yoxsul imran olsa bunlar inanmaz, Öz eyiblərini özləri qanmaz, Biri yeyər, biri baxar, utanmaz, Qəlbləri çox qara, gözü dar imiş... * * * Mən fağırın xətirinə dəyibdi Zinzal dərəsində suyun üstündə, Bir fahişə mən fağıra söyüfdü. Allahın yaramaz mundar yasarı, Demədinmi eşidəllər ayıfdı. İnsanı görəndə ağzın ayırır, Qoltuğunun qılı camış doyurur, Təpəsində leylək yuva qayırır, Dişlərini qazma kimi eyifdi. Özünə baxmayıb lağ edir bizə, Boynu armut sapı məməsi küzə. Sirkəli saçını sarıf ağ bezə Dazalax başına dıngə qoyufdu. Gözləri mavidi rəngi sarı, Didarında yoxdu Məhəmmət nuru Sənə qənim olsun Şenliyin piri Mən fağırın xətirinə dəyibdi. * * * Məni Nədir bilməm qərib aşığın suçu? Məryəm ana olsun sizə duaçı, İstərsiz məzhəbi, kilsəni, xaçı, Qərq etməyin dərdi–bəlayə məni. * * * Nə deyir Bağban qardaş mənim vəsfi halımı, İntizarlı yara de, gör nə deyir. Etibar üzməsin mən beynəvadan, Gözəl laləzərə de, gör nə deyir. Sevda sirə endi, nə gəlir əldən, İşarət vəsf eylə şeyda bülbüldən. Şikayət qəhrini deyəndə dildən, Sidqi hülüskara de, gör nə deyir. Şenlik cəbr ucundan çəkər cəfayı, Təbib sən ol, eylə dərdə davayı. Beyqəfil gəzərkən, mən benavayı, Saldı bu efkara, de, gör nə deyir. * * * Nə söz var Tovuz kimi sığal verib özünə, Bəxtəvərin pərvazına nə söz var? Təzələnib on beş günlük ay kimi, Mələksifət, mah üzünə nə söz var? Şenlik der: qoynunda şamama tağı, O dastan sinəsi, büllur buxağı. Qızılgülə bəzənibdir yanağı, Əlvan-əlvan gülgəzinə nə söz var? * * * Kağız Gəl səni göndərim Şəvşət elinə, Qəryeyi-Qüçendə əylən qal, kağız. Tənəzzül eyləyib istiqbalinə, Get Arif ustaya təzim qıl, kağız. Molla Ziyaynan etmişik ilqar, İgid ilqarını eyləməz inkar, Şiddətli şaxtadı,ixtiyarlıq var, De ki, zalım dağlar vermir yol, kağız. Şenlik der, səbəbsiz sağalmaz yara, İlaç Allahdandı,qul edər çarə, Yaralı Qasımı o loğmanlara, Allaha amanat tapşır gəl, kağız. * * * Qartal Nə baxırsan məlul-məlul üzümə, Qoydun ürəyimə vərəmi, qartal. Qanad çaldın, pərvaz etdin uçmağa, Zalım güllə kəsdi aranı, qartal. Zəhmin ağır, pəncən aslan pəncəsi, Qorxundu quşların zor işgəncəsi, Ovçusan, ovçunun olmaz gecəsi... Gör saldın yadıma haranı, qartal? Sarıdı gözlərin, məğrurdu başın, Caynaqlıdır pəncən, kəskindir dişin, İnsafsız, zülmkar zabit yoldaşın, Öldürməkdi səni məramı, qartal. Səfil Şenlik zülm eylədi sənə, Çalardın, çapardın, batardın qana, Dərdin həddən aşıb, ta gəlməz sana, Loğman da sağaltmaz yaranı, qartal. * * * Qalmadı Güvənmə dünyada dövlətə, vara, Fani dünya bir insana qalmadı. Səddi İsgəndərə, Rüstəmi-Zala, Əli kimi ac aslana qalmadı. * * * Qış ilə baharın deyişməsi Qış ilə növbahar düşdülər bəhsə, Bahar dedi nəbahatım var mənim, Qış dedi ki, zəhmi-zəhər kanıyam, El içində ədalətim var mənim. Bahar der ki, mən özüm yetirrəm, Zövqi-ziynət, nuri-rəhmət bitirrəm. Süsən, sünbül, mor bənövşə bitirrəm Əlvan-əlvan nəbatatım var mənim. Qış dedi ki, mənəm fitnə xaini, Donduraram dərələrin suyunu. Çox görmüşəm Əbu-Sinan oyunu, Əfsun olmaz təriqətim var mənim. Bahar dedi, mən qiymətsiz bahayam, Savalan yaylağı, el evgahıyam, Cilvəli qızların seyrangahıyam, Can almağa nəzakətim var mənim. * * * Səfalan seyrəngahlı beynava ahu Səfalan seyrəngahlı beynava ahu, Sarf qayalar ovgahında durdunmu? Sərin sular, göy yaylaqlar üstündə Dövran edib zövqü-səfa sürdünmü? Qanadsız quş idin insi çöllərdə, Sənə yetişmədi əsən yellər də, Vəhşilərlə biyabanı çöllərdə Kuhu orman hasarına vardınmı? Fəsli bahar olub bülbül ötəndə, Səcərlər bar verib budaq atanda, Əlvan çiçək, mor-bənöyşə bitəndə, Söylə, nəqşi nəbabatdan dərdinmi? Ballıca dərədən qaldırdı Göyü, Arzulayıb gəldin böyük güneyi, Palıdlıda oldun oyçular payı, Ərmağan canını şikar verdinmi? Səfil Şenlik bu lisanı gördü xoş, Görüm Faxralının biri olsun beş, Abbas tüləh tərlan, Musa qızılquş, Əhli-mərfət Kamandarı gördünmü? * * * Sənin Haramı halala qatmaq nə imiş, İblisin yoluna sapmaq nə imiş, Bu köşkü, sarayı yapmaq nə imiş, Bir qaranlıq yerdir məkanın sənin. Dünyada harama baxdırma gözün, Haqqın dərgahından çevirmə üzün, Əgər doğru yola getməzsə izin, Ləin-şeytan alar imanın sənin. * * * Söylənir Cəng etsə cahana salar talanı, El içində aslan kimi dolanı, Ziri-dəst eylədi dövlət olanı, Zəmanənin qəhrəmanı söylənir. Qəmzəsində qeyzə gəlsə damar qan, Diz çökdü çoxları dedi: əl-aman, Rüstəm-Zal kimi aldı şöhrəti-şan, Koroğlu sədalı ünü səslənir. * * * Olur Gözəl olan beş yaşından öyülür, Yeddisində qönçə güldən sayılır, Səkkizində hilal qaşlar əyilir, Sifət bədirlənir, xumar göz olur. On ikidə qumaş geyər sallanar, On üçündə günəş üzü allanar, On dördündə cığaları tellənər, Hər bir əzasında yüz min naz olur. Qırx üçündə gizli söylər sirrini, Qırx beşində gözdən salar ərini, Əllisində “nəvə” deyər torunu, Toylar mətbəxində həm aşbaz olur. Doxsan beşdə Şenlik söylər sözləri, Yüz yaşında çıxar quzu dişləri, Baş yasdığı olar ocaq daşları, Tüstü döyər, var əndamı his olar. * * * Yaxşıdı Bir kəs könül sənə etimad etsə, Biliynən ki, onun zatı yaxşıdı. Namərd leyli nahar plov yedirtsə, Mərdin quru məhəbbəti yaxşıdı. Hərcayi əlindən dəng oldum başdan, Baş qafa adamdan, ürəyi daşdan, Bədnəzər qonşudan, kötü yoldaşdan, Qədirbilənlərin iti yaxşıdı. Dad həzar əlindən pərgarsız sazdan, Ver qurtar özünü nəzir-niyazdan, Gəyəzən gəlindən, güləyən qızdan, Söyləyən arvaddan lotu yaxşıdı. Qul Şenlik sözünü söylədi sağdan, Piltəli çıraxdı şamdanı yağdan, Çörəksiz otaqdan, meyvəsiz bağdan, Çayır çəmənlərin otu yaxşıdı. * * * Yazıqdır Havayı həvəsə ciyərin yaxma, Ərənlər verdiyi gözə yazıqdır. Hər gördüyün məhbub dilbərə baxma, Sorarlar hesabı, gözün yazıqdır. Əxlaqda həlim ol, pəncədə polad, Lisanda kamalın hal eylə qat-qat. Əvvəl sərraf ara, sonra sözün sat, El qədrin bilməzsə sözün yazıqdır. * * * == Gəraylılar == Günü-günə calasan da Keçən günə günlər çatmaz Günü-günə calasan da! Dərdli adam gecə yatmaz, Şirin layla çalasan da! Öz dərdini özün üyüt, Alma, heyva verməz söyüd. Anlamazlar almaz öyüd – Şahmar olub çalasan da. Səfil Şenlik ağlar, gülməz, Nanəciblər dostu bilməz. Fani dünya sənə qalmaz, Altun verib alasan da. * * * == Cığalı şeirlər == Bir yara Eşq odunnan ataş alıb yanırım, Arzuhalım yetirsəniz bir yara. Mən əzizinəm bir yara, Bir hicrandı, bir yara, Dərd bilən təbib gəlsə, Məlhəm sevər bir yara. Gecə-gündüz ahu fəryad eylərəm, Leyli nahar intizaram bir yara. Varmı mənim kimi şamu-səhər ləliyən, Şirin canı eşq oduna talıyan. Mən əzizinəm talıyan, Talan düşüb talıyan, Deyirlər murad alar, Haqqdan dilək diliyən. Məni belə dəli dərviş eliyən, Bir hicrandı, bir əfkardı, bir yara. Qul Şenlikəm qara baxtım ağ deyil, Sinəm üstə çalın-çarpaz dağ deyil, Mən əzizinəm dağ deyil, Düyün deyil, dağ deyil, Keşdi dövrü zamanə, Zafdı mümkün sağ deyil. Var əndamım başdan-başa sağ deyil. Yüz min yerdən şan-şan olub bir yara. * * * == Cığalı təcnislər == Bir yana Ala gözlüm, məni Məcnun eylədin, Xumarranıb sərxoş baxma bir yana. Əzzinəm, bir yana, Dara zülfün bir yana, Sən od saldın könlümə, Qorhuram ki, bir yana. Əğər bənd olmasam zülfün telinə, Baş götürrəm bu ölkədən bir yana. Haqqın əmri ikrarı var bu canda, Üzər nəfis çarxı müddət bu canda. Əzizinəm, bu canda, Bu cəsddə, bu canda, Məlakül mövt yeksanı, Qılar mənə bu canda. Çox çəkmişəm cəbri-cəfa bu canda, Göz önündən pünhan olma bir yana. Biçarə Şenliyin gəlmir qərarı, Sevda damu yanar narı qararı. Əzizinəm, qərarı, Qəhir çəkən qərarı. Sinəm evgah yayladı, Səfalansam qərarı. Səbirsiz könlümün gəlmir qərarı, Kərəm qılıf, gedəm basma bir yana. * * * Dağları Şenlik der: məclisə sağı gələndə, Qədəhi dəstində ağı gələndə, Elə ağı gələndə, Əjdər ağı gələndə, Hicran şahı qan ağlar, Cana yağı gələndə. Şiddəti-şaxtanın çağı gələndə, Dərər, talan eylər neçə dağları. * * * Yasını gözlər Bu dünyada Tanrı kefi çəkən gul, Cəhənnəm narının yasını gözlər, Aşıq, yasını gözlər, Yanar yasını gözlər. Dünyaya meyil verməz, Axrət yasını gözlər. Bəzi günahkarlar uyar nəfsinə, Cilvəli gözlərin yasını gözlər. Kəlami Kadime Quran duası, Neçə kəlmə hərfdi Quran duası, Aşıq, Quran duası, Ayət Quran duası, Asi qullar düşünməz, Neçin Quran duası. Bir gün lazım olur Quran duası, Gözüm son nəfəsdə yasını gözlər. Lisanı ibarə ərəb dilincə, Mələklər zikr edər ərəb dilincə, Aşıq, ərəb dilincə, Farsi ərəb dilincə. Münkirnən Nekir gəlir, Sorar ərəb dilincə. Səfil Şenlik bilməz ərəb dilincə, Bir çift kəlmə cavap yasını gözlər. * * * == Divanilər == Faydası nə Mənasız, məntiqsiz sözü bilmənin faydası nə?! Az anlayıb, çox söyləyib, gülmənin faydası nə?! Etibar dediyin əldə müxalif şüşədi, Qaldırıb bihudə daşa çalmanın faydası nə?! * * * Mənəm Düşmüşəm qəm dəryasına ummanda üzən mənəm, Röyada çərxi aləmi dövr edib gəzən mənəm. Dərsim aldım pünhandan əyana çıxmaz sirrim, Əhli mərifət, xoş nəsihət, cəvahir lisan mənəm. Səmada məhlukat gördüm nəzmidir nur dənəsi, Çıxmaz ərşə, enməz xaka incidəndir binası. Yirmi dörd sahat, min dörd yüz qırxdır mənası, Birində min kərə haqqa şükr edər insan mənəm. Nə layiq ki, məni deyib arzulayıb gələsən, Divanı aləm içində imtahana salasan. Desələr ki Səfil Şenliy sən bir əzim qalasan, Rütbəm ərşə dirək olsa xak ilə yeksan mənəm. * * * == Bağlamalar == Nə diyardadı O nədiki, döyülmədən əkilməz, Şeyda bülbül giribana tökülməz, Sirrə qədəm basar, ərşə çəkilməz, Bilinməz məkanı nə diyardadı. Gah uzanar, gah qısalar dalları, Özü yaşıl, yarpaqları allanı, Əmr eyləsə kəsər cümlə yolları, Ol səbəbdən bir ismidə nardadı. Qışda bitər, yazda baxmaz vadeyə, Pay olmuşdu cümlə bəyə, gədaya, Bir tərəfi qarışıbdı sevdaya, Ol səbəbdən Şenlik ahu zardadı. * * * Var Bir əcayib şey deyim, görkü necə halı var, Əlli altı, yüz üç dəfə, min altmış beş gülü var, Saçını penhan eylədim, sən ara bil yerini, On üç der babdı səddinə,beş min dörd yüz yolu var. Gedə bilsən dərgahına,yüz min kövhər kən olu, Ətrafında tərki sərdi demə ki, bir fənd olu, Əsli şeşdi,iyirmi beşdi, üç beş yerdən bənd olu, Sed-dü, dü sed bulağını saydım ki, yek dalı var. Ey alimlər Səfil Şenlik sizə verdi salamı, Son cavabım nə sualdı, siz buyurun kəlamı, Nəyi tutardı qəlbində, sayar ərşi aləmi, Nə yerdə süküta daldı,harda qalmağalı var. * * * == Deyişmələr == Aşıq Abbas: Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq, İndi vuraram sinənə dağ ilə düyün, aşıq. Tərlan kimi yol gözlərəm mən ovgah yerlərində, Sən əlimə şikar kimi düşübsən bugün, aşıq. Şenlik: Arzulayıb gəlmişiydim mən sizi deyin, aşıq, Heç mi səndə yox məhəbbət, ey qəlbi xain, aşıq. Əvvəl çox hərcayı getmə, sonra peĢman olarsan, Nə zaman ki, alt edərsən, o zaman öyün, aşıq. Abbas: Yenə vurdu eşq atəşi, sevda səri görünü, Sən təki neçə aşığın açdım gizlin sirrini. Cəngiynən qəzəbə gəlib görsən hasmın zorunu, Əsdə gəldin bu meydana, qaçarsan yəqin, aşıq. Şenlik: Aslı şirrət mazaratdan qaçıb qurtulmaq haqdı, Zatında hiylə görünür, fitneyi-feli çoxdu. Düşübsən aslan cənginə, heç mi xəbərin yoxdu, Tutaram indi başına bir olmaz oyun, aşıq. Abbas: Aşıq Abbas abdal olmuş, eşq ucundan dəlidir, On iki imam Çaryarlar bir Xudanın quludur. Açsam gizlin mətahımı, ləli-gövhər doludur, Dürrü-cəvahir görünür ayanbaayan, aşıq. Şenlik: Bəyanbabəyan bilirəm nə fitneyi-feldəsən, İstərsəm zirdəst eylərəm zəpti mümkün əldəsən, Düşdün Şenlikin bəhrinə abı ümman seldəsən, Necəsən ki, qərq eyləyəm hiyləgər layin, aşıq. * * * Deyil Abbas: Çox da cələllanıb çıxma qarşıma, Mən ümmanam, sənin eşqin çay deyil. Hiddətlənmə, tez gətirrəm imlaya, Hər mətahın cəvahirə tay deyil. Şenlik: Hiddət ilə imtahana gəlibsən, Məğrurlanma, təkəbbürlük ey deyil. Hər şikardan mənim deyin bac umma, Bu qismətlər sən yediyin pay deyil. Abbas: Gənə meydanımda hasım görünü, Sidqiylə çağırram eşqin pirrini, Həp bilirəm ərşin, gürşün sirrini, Xəyalım pərişan, zehnim zay deyil. Şenlik: Ərşi mah üzündə qurubsan binə, Qorxaram yelkənin zəminə enə, Gəc baxıb qəmərə, tən etmə günə, Hökmün kəvkəb, səltənitin ay değil. Abbas: Hardan urcah oldum qəlbi qaraya, Naşı hoyrat, nə düşübsən araya, Eylə bir eyvallah, qayıt geriyə, Aşıq Abbas hər aşığa tay deyil. Şenlik: Xor baxma ġenlikə, tən etmə öylə, Şad gəlibsən, məhzun göndərrəm yola. Sinəm bürci-mehrab, bədənim qala, Cavabın ox, fəhmin qatı yay değil. * * * Əyləndi Abbas: Siftah nədən binə qurdu dünyayı, Zaftı necə sirr üstündə əyləndi, Yeddinci zəminin ismini söylə, Rafı dəngə nə üstündə əyləndi. Şenlik: Haqq nurundan binə qurdu dünyayı, Canlı cinli sirr üstündə əyləndi, Yeddinci zəminin ismi Əcvadır, Rafı dəngə yer üstündə əyləndi. Abbas: Əzrayıldan sonra bilsən kim ölü, Kimin qəzəbində fəthi cəng olu, Neçə min il yoldu Sıratın yolu, Necə belə şər üstündə əyləndi. Şenlik: Əzrayıldan sonra əcəl də ölü, Yəhya qəzəbində qəti cəng olu, Üç min illik yoldu Sıratın yolu, Yeddi damı nar üstündə əyləndi. Abbas: Abbas da bu raha qoyubdu üzü, Nə donda yaratdı lövhi-mahfuzu, Kimdir deyər deyər, tükənməz sözü, Çəkər ahu, zar üstündə əyləndi. Şenlik: Şenlik der: qaradır namərdin üzü, Yaxud əhmərdəndir lövhi-mahfuzu, Loğman deyər deyər, tükənməz sözü, Çəkər ahu, zar üstünə əyləndi. * * * Olmuşam Aşıq Şenlik: Ta əzəldən qətrə ikən bəhri ümmün olmuşam, Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam. Söylənər cümlə cahanda şanı-şöhrətim mənim, Aşiqlərin arasında natiq-lisan olmuşam. Şair Nəbi Borçalı: Mey nuş etdim pir əlindən, meyi-məsdan olmuşam, Gecə-gündüz nar içrəyəm, misli pərvan olmuşam. Bax əzazil mənlik edir, indi qalar lal təki, O səbəbdən aləm içrə xaki-yeksan olmuşam. Aşıq Şenlik: Eşq içrə qəvvas olub, ya bəhrə, dalsam gərək, Çarə budur aqibətin, sazını alsam gərək. Çevirib hər tərəfə, qanadın yolsam gərək, Sən kimi sərçə önündə misli-tərlan olmuşam. Şair Nəbi Borçalı: Əgər ki, aşıq isən hərf oxu, imlanı gör, Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör, Öz–özünü şahin sanma, zümrüdü-əfqanı gör, Zərrəcən verməm əman, mərdi-meydan olmuşam. Aşıq Şenlik: Şenliyəm, belə lafdan çəkərəm qovğaları, Nə yerdə aşıx görsəm, edərəm sualları, Çoxlarını mətəl etdim, sən kimi ustadları, Düşməndən geri dönməz, mən bir aslan olmuşam. Şair Nəbi Borçalı: Adımdı Şair Nəbi, sənətin binasıyam, Sərraf olsa, bu məkanda aşıqların xasıyam. Aşıq olub, el gəzmişəm, mən elin anasıyam, Tutmuşam meydanını, dönməz pəhlivan olmuşam. * * * Yar Aşıq Şenlik: Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar, Eşidib vəsvi-halım, cavabını bilsən, yar. Qəflətən gördüm səni, məsd oldu didəm nuru, Bu ziyada qəmər olmaz elə bildim günsən yar. Şair Nəbi: Şairə rəhmin gəlib bir danışıb gülsən yar, Çox çəkirəm həsrətini, xəyalımı bilsən, yar. Boyun bənzər sürahiyə, lalələr şəbnəmsən, Seyr edək ol qamətə, qarşımızda qalsan, yar. Aşıq Şenlik: Şox tutub qiyğac baxışın az qalır əqlim ala, Sızıldaşır əzalarım, vücudum gəlir dilə. Yanar-yanar atəşinə, sonra da dönər külə, Gecə-gündüz leylü nahar intizarım sənsən, yar. Şair Nəbi: Bu bağçanın bülbülüyəm, göz dikmişəm bir gülə, Dolandı çərxi gərdiş, zəmanam keçdi belə. Yanıram atəşinə, necə ki, Kərəm, Lələ, Həsrətəm didarına, xəyalımı bilsən, yar. Aşıq Şenlik: Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi, Könül xəstə, dil şikəstə, eşq atəşi candadı, Camalına bənd olmuşam, ixtiyarım səndədi, Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar. Şair Nəbi: Şair Nəbi eşq ucundan sanki dönüb ümmana, Xilaf eylər xam xəyalım, bax sərimdə dumana, Açılıb hüsnün şoxu, bənzər huri-qılmana, Gözüm görüb, könlüm sevib, haq yaradan qulsan, yar. * * * Yaratdı Şenlik: Dünya əhvalından xəbər ver, aşıq, Əvvəl Qəni Sübhan nəyi yaratdı, Nə məkanda binə qurdu bil tavuz, Nə səbəbdən haki payı yaratdı. Abbas: Dünya əhvalından xəbərdaram mən, Siftə Qəni Sübhan nuru yaratdı, Ulduz ki, qəndildən endi hicaba, Kəfdən sonra cümlə yeri yaratdı. Şenlik: Neçənci zəminin neçə dayağı, Neçə qədəmədir mahın ayağı, Əvvəl Zəm-zəm nəyə vurdu boyağı, Nədən de birinci göyü yaratdı. Abbas: Yeddinci zəminin yeddi dayağı, Qırx dörd mindi gavi-mahın ayağı, Siftə Zəmzəm nura vurdu boyağı, Zəbərcəddən ilkin göyü yaratdı. Şenlik: Dalıbsan qəflətə irəm at görüm, Şenlikin sözünü bəyan et görüm. Necə sirrdi, əhvalına yet görüm, Cəsədsiz dəst, sərsiz muyu yaratdı. Son qitədəki müəmmayı Abbas aça bilməmiş. Bunun üzərinə Şenlik, sorduğu müəmmayı özü belə cavablandırmışdır. Şenlik: Şükür, əff olundu Şenlikin suçu, Boynunda borc qaldı hərfimin üçü, O bir otdur, Məryəm ananın saçı, Ona nisbət möhtəbəri yaratdı. * * * == Müxtəlif şeirlər == Bir-bir çək Bir salatın məni təklif eylədi, Doldurdu badəni, oğlan, bir-bir çək. Mən aşığam bir-bir çək, Bir-bir doldur, bir-bir çək. Yığ gözəllər karvanını, Gəl qarşımdan bir-bir çək. Dedim: ay qız, qəm dağları var məndə, Dedi: gətir sinəm üstə bir-bir çək. Mövlam mənə nəsib etdi bir səni, Bülbül könlüm bir gül istər, bir səni. Mən aşığam bir səni, Vəsfim anlar bir səni, Şəmsdən ziyalı billəm, Bir qəməri, bir səni. Min gözələ mən vermərəm bir səni, İnanmazsan imtahana bir-bir çək. * * * == Dastanlar == Məhəmməd və Güldənə Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəm məd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər. Aradan az keçməmiş Məhəmmədin atası öldü. Anası on yaşına kimi onu saxladı. Sonra o da vəfat etdi. Qürbət eldə qohum yox, qardaş yox, Məhəmməd sahibsiz qaldı. Nəhayət, 20 yaşı tamam oldu. Xəlil ağanın qızının adı Güldənə idi. Məhəmmədlə Güldənə bir-birini pünhan olaraq canı-dildən sevmişdilər. Məhəmməd elin dana-quzusunu otardığı dərədə həmişə Güldənə ilə görüşüb danışardı. Bunu Xəlil ağaya xəbər verdilər. Xəlil ağa xəncər qurşanıb atı minərək Məhəmmədin yanına gəldi. Uzaqdan Məhəmmədi söyüb üstünə gələndə Məhəmməd bir yekə qayanın üstünə çıxıb qışqırdı. Bunu üç nəfər atlı görüb Xəlil ağaya dedilər ki, Xəlil ağa, onun günahı nədir öldürürsən. Xəlil ağa hirsli-hirsli dedi: -Hələ baxın , özünə çörək tapmır mənim qızımı istəyir. Kişilər Xəlil ağanın danladılar. Məhəmmədə də tapşırdılar ki, bir də elə iş tutmasın. Aradan çox keçmədi ki, Güldənəyə Rəsul ağa elçi göndərdi. Xəlil ağa qızı verdi. Toy tədarükünə on gün vaxt qoyuldu. Məclisi aparmağa Aşıq Şenlik dəvət olundu. Toya üç gün qalanda Güldənə beş nəfər öz rəfiqəsini yığıb Ərbahan çayının ətrafında gəzməyə çıxdı. Bulağın başında canbir qəlb rəfiqəsini bir sakit guşəyə çağırıb dedi: -Bir neçə söz deyəcəm, onu Məhəmmədə çatdır. Aldı görək nə dedi: Qan-yaş töküb bu dünyada, Salırsanmı yada məni. Olmayaydı belə ata, Çuladılar yada məni. Əsən yellər qara əsdi, Çəkəmmərəm, bu dərd bəsdi, Molla gəldi, nikah kəsdi, Qaladılar oda məni. Güldənə bu dərdə dözməz, Fələk belə yazı yazmaz, Sənsiz bu dünyada gəzməz, Qoy axtarsın ata məni. Kağızı yazıb öz sirdaşı Səlbiyə verdi. Səlbi kağızı alıb cibinə qoydu. Qızlar yeyib-içib evlərinə dağılışdılar. Səhəri Səlbi dana-quzunu örüşə bir az gec apardı. Məqsədi xəlvətcə kağızı Məhəmmədə vermək idi. Səlbi Məhəmmədin kimi olduğunu soruşdu. Məhəmməd “ata yox, ana yox, qohum-əqrəba yox, bir tək mən o da belə, neyləyim”-dedi. Səlbi Güldənənin məktubunu Məhəmmədə verib onu sevindirdi. Məhəmməd namədən agah olub Səlbiyə dedi: -Səlbi, qadan alım, bu sirri bir kimsə bilməsin. Amma bir kağız götür, nə desəm onu yazıb Güldənəyə çatdır. Aldı Məhəmməd: Ala gözlü mənim yarım, Atmaq olmaz yada səni. Sənsən mənim intizarım, Necə verim yada səni. Atam yoxdu elçi gedə, Anam yoxdu sinə didə, Hər yaramaz gədə-güdə, Əl atıban tuta səni. Məhəmmədəm qan ağlaram, Bağrımın başın dağlaram, Mən Allahı çağıraram, Yetirsin murada məni. Həmin gün yenə qızlar seyrəngaha çıxdılar. Səlbi kağızı gizlindən Güldənəyə verdi. Güldənə namənin məzmununu başa düşüb daha yaşamaq istəmədi. Ərdahan çayının daşan vaxtı idi. Güldənə çay uzunu gəzib qızlara dedi ki, qulaq asın, qızlar, ürəyim elə doludur. Yanıqlı-yanıqlı dedi: Eləmi bir çəməni, Gəzərəm bir çəməni, Gəlin halalın verin, Görməzsiz bir də məni. Qızlar dedi: Ay qız, nə deyirsən o qədər uzağa gedən olur ki, nişanlın da varlı adamdır. Güldənə dedi: Eləmi solar keçər, Gül açar solar keçər, Sevgisinə çatmayan, Yaşamaz, ölər keçər. Qızlar yenə dil-ağız elədilər. Güldənə bir də dedi: Eləmi Ərdahandan, Çay gəlir Ərdahandan, Yaşama, ay Güldənə, Alırlar canı candan. Qızlar ona, “ağlına gələni danışma” - dedilər. Güldənə: “Vətən şirindir” - deyib asta-asta körpüyə çıxdı. Oradan da bir daşın üstünə atılıb “eşidin qızlar” - dedi: Başına döndüyüm Ərdahan çayı, Aparırısan hansı diyara məni. Cəsədmi dolandır sellər içində, Ölmüyncə atma kənara məni. Özümü qayadan atanda qərq et, Əlimlə daşlardan tutanda qərq et, Cəsədmi cəsədlə çatanda qərq et, Qoyma döşəyimdə fuqara məni. Güldənə xanımı eyləmə ibrət, Atamla anamı bulmasın cənnət Çəksin həsrətimi oğlan Məhəmməd, Salsın dildən, - dilə sorağa məni. Güldənə özünü çaya atdı. Qızlar ağlaşıb o yan-bu yana qaçdılar. Bu səsi eşidib yaxınlıqdan keçənlər qaçıb gəldilər. Özlərini suya vurub Güldənənin çıxartdılar. Onu başı üstə ağacdan asdılar. Güldənə xeyli vaxtdan sonra özünə gəldi. Kəndə xəbər çatdı, el töküldü. Həmin xəbər gələn vaxt Şenlik də məclisin içində idi. Hamı Güldənənin boğulduğu yerə gəldi. Hamıdan qabaq anası Kübra qızına sarılıb belə dedi: Başına mən dönüm Ərdahan çayı, Niyə saldın bu balamı, bu hala, Bu mənim dünyada bircə balamdı, Niyə saldın bu balamı bu hala. Saçlarım ağzımda qarğış eylərəm, Balasız dünyada malı neylərəm? Məhşər günü haq-divanda söylərəm, Necə kəsdi nəsimimi bu bala. Mən Kübrayam, halım oldu çox yaman, Yaradanın özü qoy versin iman, Xəlil ağa bir gün vermədi aman, Niyə saldın bu balamı, bu hala. Məhəmməd çöldə gördü ki, el Ərdahan çayına doğru tökülür. Xəbər aldı, dedilər: - Xəlil ağanın qızı Güldənə özünü suya atıb. Bunu eşidəndə Məhəmməd ağlayıb dedi: Yar yanına gedən əziz qardaşlar, Verin yar yolunda sadağa məni. İstəməm yaşamaq yardan ziyadə, Verin yar yolunda sadağa məni. Tutunum tutmamış ağrıdı başım, Hələ iyirmiyə çatmadı yaşım Qaralar bağlasın yarım, yoldaşım, Verin yar yolunda sadağa məni. Siz agah sözümə eyləyin səbir, Bizim ikimizə bir qazın qəbir, Məhəmmədəm, mənim məqsədim budur, Verin yar yolunda sadağa məni. Məhəmməd belə deyəndə Xəlil ağanın və Rəsul ağanın adamları istədilər ki, Məhəmmədi öldürsünlər. Kərəm adlı bir oğlan sinəsini qabağa verib dedi: - Bu yazığın heç kimi yoxdur və heç bir günahı olmayıb. Qızın da ona görə özünü suya atıb. Sizin bunu öldürməyə heç haqqınız yoxdur. O, Məhəmmədin əlindən tutub Güldənənin olduğu yerə gətirdi. Məhəmməd Güldənənin bu vəziyyətdə görüb yanıqlı-yanıqlı dedi: Yığılan qonşular, gələn qardaşlar, Həbib kimsə dərdə dərman eyləsin. Bu dünya fanidir kimə qalacaq, Bu cavandır, el-obamız ağlasın. Könül dərgahında, əlim duvada, Səbəb olan heç gülməsin yuvada, Mənim ahım heç qalarmı dünyada, Həbib olan yaralarım bağlasın. Güldənə dərdindən düşdü çaylara, Qalmaz ahu-zarı həftə aylara, Dumanım başımdan çıxdı göylərə, Yazıq canım bu sitəmə neyləsin. Fələk bu Xəlilin başından vursun, Kor olsun gözləri, ürəyi dursun, Xar olsun dünyada, el-oba gülsün, Hər kim görsə divanlarda söyləsin. Yazığam sözümə bir qulaq asın, Güldənə, Məhəmməd buna neyləsin, Yar dizinin üstündə başımı kəsin, Aşıqlar dastanda məni söyləsin. Kərəm irəli durub “Güldənə Məhəmmədindir” - dedi. Hamı razı oldu. Güldənənin bədənini bir qədər sıxdılar, ağzından xeyli su getdi. Güldənənin ağlı başına gəldi. Kərəm irəli yeriyib qızın əlini Məhəmmədin əlinə verdi. Bu, məclis əhlinin ürəyindən oldu. Aşıq Şenlik sədəfli sazını dilə gətirdi. Xəlil ağa, sənin boynun qırılsın, İnsan balasına düşmən olarmı? Ürəyin dayansın, qanın qurusun, İnsan balasına düşmən olarmı? Bunları yazıbdır yaradan kişi, Verməsən olarsan naşıdan naşı, Allah salsın sənin başına daşı, İnsan balasına düşmən olarmı? Şenlik bu dastanı görəndə yazdı, Gözəlin irəngi solanda yazdı, Məhəmməd üstünə gələndə yazdı, İnsan balasına düşmən olarmı? Kərəm Məhəmmədi qardaş əvəzi evinə gətirdi. Üç-dörd gün Məhəmmədə toy çaldırdı. Aşıq Şenlik məclisi apardı. Cavanlara xeyir-duva verdi. * * * Aşıq Şenliyin Mumuxan səfəri Mumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı. Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi. Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi. Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu. Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: - Oğul qış vaxtıdı.Amma bu kağızı gərək Aşıq Şenliyə əlbəl verəsən. Nəcəf çox qoçaq oğlan idi. O kəhər atına minib üz tutdu Çıldıra tədəf. Aşıq Şenliyin oğlu Namaz qapının qarını təmizləyirdi.Bir də gördü ki, bir atlı qan tər içində çaparaq bunlar tərəfə gəlir. Ay qardaş bu ev Aşıq Şenliyin evidirmi. Elə düz gəlmisən.Buyur atdan düş qonağımız ol. Yox sağ ol. Aşıq Şenliyinə bir məktub gətirmişəm.Sən onun nəyisən Oğlu. Bu məktubu ona ver Namaz məktubu aldı. O saat atlı atının başını Ağbaba istiqamətinə çevirdi. At ildırım kimi qış dumanının içində yoxa çıxdı.Namaz bir atın dalınca birdə ki, əlindəki məktuba baxıb içəri keçdı. Gördü babası yəni Aşıq Şenliyik sazını kökləyir.Qasımda xeylax aralıda oturub. Dedi Ay baba sənə bir kişi bu məktubu verdi Məktuf? Kimnəndi? Bilmirəm. Aç oxu görüm nə yazılıf -Baba məkufu Mumuxanlı Gülnaz şerlə yazıb, deyən səni deyişməyə çağırır. Aşıq Şenlik. O kağızı ver Qasım oxusun. Görək Gülnaz Aşıq Şenliyə nə yazıb. Biz deyək Allah Sizləri xoşbəxt eləsin Birim gedif, birim qalıf yerində, İkiliyim, madarımı deyirəm. Bir danadı, bir inəkdi, üç keçi, Olan-qalan öz varımı deyirəm. Biri alıf məni ağzı yoxuşa, İnanmıram, məcrasına sığışa, Alıf məni boran-qara, yağışa, Yox eyləyir ilk barımı deyirəm. Mən Gülnazam kimsənəm yox, kimim yox, Boğuluram qəm gölündə, gəmim yox. Aşıq Şenlik güman səndə yaxşı bax, Tez gələrsən qərarımı deyərəm. Bəli söz tamama yetdi. Aşıq Şenliyk Namaza baxıb güldü, döndü Qasım tərəfə. Qasım Alaşıyı yəhərlə. Mumuxana gedirəm. Gülnaz arvadın ümid yeri mənəm. Namaz baba bəlkə səhər gedəsən Aşıq Şenliyik elə bu dəqiqə yola düşürəm. Aşıq Şenlik Mumuxanda Gülnazın evini xəbər aldı və atını düz ora sürdü. Gülnaz o saat Aşıq Şenliyi tanıdı və onu içəri dəvət etdi. Bir xeylax söhbətdən sonra Aşıq Şenlik Tağının qapısına elçi gedəcəyini bildirdi. İki-üç nəfər ilə Aşıq Şenlik Tağı kişinin qonağı oldu. Aşıq Şenlik: - Kişi gəl daşı ətəyindən tök qızı Nəcəfə ver.Onlar bir-birinə könül verib. Aşıq Şenliy sənə mənim canım qurban mənim varlı-hallı dostlarım var axı. Kişi belə deyəndə Aşıq Şenliy hirsləndi sazını köynəkdən çıxarıb, zili-zil, bəmi- bəm yerində aldı görəl nə dedi: Xeyir işdi, xeyirli iş gəl danış, Dövlət-vardan, pul-paradan danışma. Sevən sevib, seçən seçib bilirsən, Xəbərin yox, ağ-qaradan danışma. İşin pisdi salsan yerə sözümü, Qız atası gülüş etmə özünü. Axır kişi pul tökəcək gözünü, Seldən sudan, qarqaradan danışma. Qul Şünliyəm el içində adım var, Həmdəmim var, qohumum var, yadım var. Yandıraram, alovum var, odum var, Divan qurar ol Yaradan danışma. Söz tamam yetdi, görək bu yerdə Tağı nə dedi Aşıq Şenliyik indi qışdi. Qoy yaz gəlsin baxarıq. Aşıq Şenliyik:- Tağı gəl qabağıma kötük dığırratma. Tağı baxdı ki, pis yerdə ilişib.Ürəyində Gülnazın dədəsinə söydü.Tağı artıq başa düşdü ki, onun qapısına Aşıq Şenliyik gəlib, qızı verməsə Ağbabada biabır olacaq. Odur ki, görək aldı Aşıq Şenliyə nə dedi: Ətdik üçün yeddi cöngə, yeddi qoç, Gətirərsən, gətirməzsən, toydan keç. Ucuz şeydən, kasıflıxdan uzaq qaç, Boyunbağı, kəmər, qolbağı istərəm. Bəzək-düzək, qızıl-gümüş olmalı, Qohumlara yaxşı xələt almalı, Şirin olar, həm iştaha, bəy malı, Doqquz batman inək yağı istərəm. Altun olsun dingəsində pərəhlər, Pirçəklikdən keçirilsin hörühlər. Demirəm ki, qızıl olsun dirəhlər, Dediklərim olsun nağdı, istərəm. Aşıq Şenliy bir sazına baxdı, bir Tağıya qaldı məttəl. Yaxşı Tağı mən razı. Amma sənin bir belə var-dövlət nəyinə lazımdı. Mən səhər İbişlı Hamza ağaya, Qranamazdan Cabbar ağaya, Oxçoğlundan Məmməd ağaya, Samağoydan Dursun bəyə deyəcəm sənin bu dediklərini gətirsinlər. Bəlkə gözünün qurdu ölə. Tağı bu sözləri eşidəndə səhvliyini başa düşdü, amma özünü o yerə qoymadı, başını aşağı salıb qımışdı. Çıldır-Ağbaba Ozan-Aşıq məktəbinin banisi Aşıq Şenliyik aldı görək bu yerdə Tağıya nə dedi. Allah sizləri xoşbaxt eyləsin. Tağı kişi cöngə-qoçu neynirsən, Öz sürünə, naxırına, nə gəlif.! İnsaf eylə qan qaraltma arada, Axarına, baxarına nə gəlif.! Qızıl-gümüş, malı-dövlət pul səndə, Tamah səndə, iştah səndə, hal səndə, Buğa səndə, cöngə səndə, kal səndə, Gəlirinə, çıxarına nə gəlif.! Şennih deyər, salma özün nəzərdən, Bala tutar qurtarmazsan azardan, Xeyir işdi, mal alırsan bazardan ? İsbahana, ağırına nə gəlf.! Söz tamam yetdi. Tağı kişi ölmədi ki, ölə, amma Aşıq Şenliyik hirslənmişdi, dübarə sazı bağrına basdı görək bu yerdə aldı görək nə dedi: Mənəm demə, bu dünyada evinə talan gələr, Şöhrət tutuf gözlərini, dilinə yalan gələr, Nə var-dövlət, qızıl-gümüş, mal verəsən xeyri yox, Diz çökdürər, bağrın yarar, canını alan gələr. Can quşunu alan olmaz qara atın əlinnən, Yanar cismin külə dönər aloy odun əlinnən. Qəm yesə də əslizatlar, əsli qıtın əlinnən, Boz atın da, boz donunda hər qeydə qalan gələr. Qul Şenniyəm-haqqın qulu, eşitməsən sözümü, Soxarsan yerə başını, heç eylərsən özünü. Nikqızlıxla tamahkarrıx kor eyləyif gözünü, Dediyimi annamazsan, belinə palan gələr. Söz tamama yetən kim Tağı kişi durub Aşıq Şenniyin əlindən öpdü.Mən qızımı Nəcəfə verməyə hazıram. Amma sən Allah bu sözləri başqa yerdə oxuma.Heç nə lazım deyil.Toyun xərci məndən toyu aparmaq isə səndən olsun. Aşıq Şenniy idi buna sözün nədi. Bəli beləcə razılığa gəldilər. Payız oldu Aşıq Şenniy Nəcəf ilə Eminənin toy məclisini özü apardı.Nəcəf və Eminə xanım şad fürəvan Ağbabanın Mumuxan kəndində yaşamağa başladılar. * * * Aşıq Şenliyin Güllübulaq səfəri Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı. Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi. Amma Aşıq Şenlik saz əlində məclisdə o başa, bu başa gedib dövran etdiyindən hər ikisi sakitləşdi. Beləcə bir xeylax vaxt keçdi, amma Mamoş Aşıq Şenlik çay içməyə əyləşəndə ona tərəf gəlib dedi: -Usta Şenlik səndən bir xahişim var, amma gərək yerə salmayasan. -Buyur, buyur: -Səninlə gizli işim yoxdu. Bu məclisdə Pirəliynən sözüm oldu, o elə dedi, mən belə. -Kişi sözünü aşıq de, -Bilmirəm Nəsibi eşitmisənmi. Deyirlər o haqq aşığıdı. Deyirəm icazə versən Nəsib çıxsın meydana, həmdəki Pirəlinin Malaş adlı atına bir tərif desin. -Aşıq Şenlik:- Çox yaxşı, Nəsib kimdi burdadırmı, bir qabağa gəlsin. Nəsib camaatın içərisindən çıxıb qabağa gəldı və ədəb ərkanla Aşıq Şenliyi salamladı.Şenlik onu görəndə qanı qaynadı, amma özünü o yerə qoymadı, işin axırını gözlədi. -Aşıq Şenlik: Cavan oğlan qorxma, sazını götür gir meydana aşıqlığın isbat olsun. Nəsib sazı sinəsinə basıb üzünü tutdu Mamoşa, görək burda nə dedi. Biz deyək sizlərin də canı sağ olsun. Dad eyləyir şir arvadın əlindən, Baş yarılıb, üz cırılıb, nə deyim. Əyal olan təpik atır ərinə, Qədd əyilib, bel qırılıb, nə deyim. Əzəl gündən bu ər olan küt olub, Arvad zalım, kişi ölü pit olub, Qocaldıqca arvad dönüb it olub, Ney kürlənif, kef duruluf, nə deyim. Mən Nəsibəm yalan gəlməz dilimə, Düz söylərəm lap getsəm də ölümə, Yazıx kişi dözür dərdə, zülümə, Yoldan gəlif bərk yoruluf, nə deyim. Soz tamama yetdi, amma camaatın içərisinə bir gülüşmə düşdü gəl görəsən. Pirəli irəli çıxıb dilləndi: Bir Pirəlinin atı Malaşada tərif de. Nəsib sazı yenidən sinəsinə basdı, görək burda nə dedi. Yerişdə eşşəkdi, yoxdu surəti, İştahası yaman çoxdu Malaşın. Yazıx sahibini yollarda qoyur, At kimi hünəri yoxdu Malaşın. Yoxuşda tərpənməz, getməz irəli, Sel – su görəndə gözü pərəlir, Arpa verən kimi sanki dirilir, İnanmakı qarnı toxdu Malaşın. Domuşa-domuşa gəzir dolanır, Ha yesə-işsə də ürək bulanır, Nəsif tək Pirəli oda qalanır, Dedim tərifini, baxdı Malaşın. Söz tamama yetən kimi Pirəli Nəsibin alnından öpdü. Aşıq Şenlik Nəsibi daha da yaxından öyrənmək üçün dedi: -Nəsib, bir özün haqqında da bir şey de, görüm kimsən, nəçisən. Nəsib sazı birdə sinəsinə basdı, amma Nəsibin çalıb-çağırması Şenliyin xoşuna gəlmişdi. Hə görək Nəsib ustad qarşısında nə dedi. Ustadım öldü, yenə qaldım ortada, Yarımçıxdan aşıx olmaz neyləyim, Şəyirtdiyə kimə gedim bilmirəm, Hər yetişən sözüm almaz neyləyim. Sinəm dolu, nəbalədəm yollara, Mən naşıyam dərdə, qeyri-qallara, Tanrı özü kömək olsun qullara, Kimsə məni yada salmaz neyləyim. Qəza vurdu yetim qaldım atadan, Könül evim qurtararmı xatadan. Xəbərim var Ərginədən, Otadan, Yazıx Nəsib belə qlmaz, neyləyim. Söz tamama yetən kimi Şennik üzünü Nəsibə tutub dedi: -A bala mənim çox xoşuma gəldin........ Gəlsənə bir elə burada yüngülvari deyişək. -Mən razı. -Onda qabaxcaq mən başlayıram. -Buyur,usda Görək bu məclisdə Aşıx Şenlik nə dedi. Aldı Aşıx Şenlik: -Dərdin nədi, oğul, bala, Eşqin ataşı səndədi. Aparıflar üzüyünü, Üzüyün qaşı səndədi. Aldı Nəsib: Qədərim pis, özüm xəstə, Təbibim bulunmur mənim. Yar-yaımçıx qalmışam mən, Qaydıma qalınmır mənim. Aldı Aşıx Şenlik: Allahın tutuf bəlası, Kimin var yerdə qalası, Bir gözəlin ah- nalası, Gözünün yaşı səndədi. Aldı Nəsib: Ürəyim yaralı qalıf, Allahım verdiyin alıf, Qonçə gülü əğyar çalıf, Qisasım alınmır mənim. Aldı Aşıx Şenlik: Şennih səni çox bəyəndi, Yerindədi misra-bəndin, Bir dünya görənsən kəndin, Sözlərin başı səndədi. Aldı Nəsib: Ustadım Göləli İbraham, Fəryadam, naləyəm, aham. Nəsivəm əlində yaxam, Düyünüm çalınmır mənim. Söz tamama yetdi,amma Aşıx Şenlik üzünü Nəsivə tutub dedi: -Sən əyləş, oğul amma mənim sənə bir iki sözüm var. Ağbab-Qars və Çıldır aşıq məktəbini banısı Aşıq Şenlik baba görək burada nə dedi. Dərd eyləmə cavan oğlan, Ər gələn haqqdan gələr, Günlər ötər bircə-bircə Qaradan-ağdan gələr. Qovun-qarpız bostandadı, Meyvələr bağdan gələr, İsti-xəfə aran yerdən, Sərinlik dağdan gələr. Yetimliyin ayıf deyil, Qəlbin olsun çox geniş. Ərin yolu yoxuş olar, Orda çox olmaz eniş: Yüz kərə qəmə batarsan, Şad olarsan bir dönüş, Sözün safı ən lətifi Ürəyi sağdan gələr. Qul Şenliyim düz söyləyir, Həqiqəti düz deyir, Haqqı sevər, aqilləri Tərif edər, yüz deyər. Yaxşı olar axrın sənin, Tanrı: “bəndəm döz” deyər, Yol açılar, sədan sənin, Soldan həm sağdan gələr. Bəli, söz tamama yetdi. Aşıx Şenlik elə o gündən Nəsivi şəyirtdiyə götürdü. Məclis başa çatandan sonra Aşıx Şenlik Nəsivi götürüb Çıldıra tərəf yola düşdü. * * * Aşıq Şenliyin Canbaz qızı rəvayəti Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi. Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən. Aşıq Şenlik çox ağır adam idi. Qızın danışığından anladı ki, məsələ başqa cürdü, ölməmiş betər vurulub... Gəl indi belə gözəlin əlindən qurtar, görüm necə qurtararsan. Qızın gözəlliyi Aşiq Şenliyi yaman tutmuşdu. Qız işi belə görüb üzünü Aşıq Şenliyə tutub görək nə dedi. Biz deyək Allah Sizləri də xoşbəxt eləsin Nədi nə baxırsan mənə kənardan, Olmazmı söhbəti-sözü aşığın. Görüb gözəlliyi, almır hesaba, Yoxsa kor olubdu gözü aşığın. Nəyə dolanırsan bu dağı-daşı, Gəl səndə mənimlə dərd yükü daşı. Sinəmi yandırdı eşqin ataşı, Yaşı haqlayıbdır yüzü aşığın. Xanımam könlümə dəyə bilməzsən, Sən məni sındıra, əyə biməzsən, Sözünü üzümə deyə biməzsən? Gülməzmi sifəti, üzü aşığın. Söz tamama yetdi. Aşıq Şenlik gördü ki, qızın gözləri dolub. Ürəyi tab eləmədi. Sazını köynəkdən çıxarıb basdı sinəsinə. İndi görək böyük sənətkar burda nə dedi nə söylədi. Xırdaca gözəlsən, yaşın çox azdı, Baxdıqca canımı alma amandı. Təzə evlənmişəm, xəbərin olsun, Başımı bəlaya salma, amandı. Aşıq gəzərtidi yolu dağ-dərə, Nə çox yoxuş-eniş, gədik, bənd-bərə, Söz ilə arxamı vurma gəl yerə, Bulud tək tutulub dolma, amandı. Şenliyəm könlünə dəymərəm sənin, Başını aşağı əymərəm sənin, Dərd-qəm içində qoymaram səni, Gül kimi saralıb-solma amandı. Söz tamama yetdi. Qız qara saçlarından üç tel ayirib basdı şamama döşünün üstünə, görək burda nə dedi. Axır sözün nədi desən mərdana, Sinəmin başını yandirdin getdin. Bildim evliliyini qaraldı gözüm, Gör necə könlümü sındirdin, getdin. Gözüm görən kimi tutdu tez səni, Niyə yumşaltmadı görən göz səni, Məftun eyləmədi əsmər üz səni, Məni ucalardan endirdin, getdin. Xanımam bu canım qurbandı sana, İnsaf et, könlümü çalxama qana. Sən bir el aşığı, məndə bir sona, Yanan çırağımı söndürdün, getdin. Söz tamama yetdi. Aşıq Şenli dinməzcə sazını bağrına basdı, qızın könlünü ələ almaq üçün bu yerdə aldı görək nə dedi. Çağırarasan əlbət məni, Xəbərin bilərəm bir gün. Məclisi quraram sizdə, Danışıb gülərəm bir gün. Könül verərsən bir mərdə, Öz-özünü salma dərdə, Sinəm olub pərdə-pərdə, Göz yaşın silərəm bir gün. Gözlərimi alıbdı qan, Səfil Şenlik sənə qurban, Həm gözəlsən, həm mehriban, Toyuna gələrəm bir gün. Söz tamama yetdi. Qız peşman-peşman alaçığa qayıtdı. Aşıq Şenlik bir təhər özünü ələ alıb aldı görək dübarə nə dedi. Canbaz yaylağında ataşa düşdüm, Bir alagözlünü gördüm, ayrıldım. Danışdı, söylədi huş getdi başdan, Könlümü əlidən verdim, ayrıldım. Başdan dərdimi qova bilmədim, O küskün qəlbini ova bilmədim, Ovçu tək çıxmışdım ova, bilmədim Ceyranı bərədə vurdum, ayrıldım. Şenliyəm kədərdən könlüm qaralı, Ceyran sinəsindən qaldı yaralı, Ah çəkdi, inlədi dağlar maralı, Sevən ürəyini qırdım, ayrıldım. Söz tamama yetdi. Aşıq Şenlik burada məclisini yekunlaşdırıb Suxara köyünə döndü. Amma o vaxtdan bu əhvalat Ağbaba ellərində dillərə düşdü, və əbədi olaraq xatırələrdə yaşadı. * * * Kitabxana.az · https://kitabxana.az/authors/asiq-senlik İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.