Mirzə Fətəli Axundzadə. Əsərləri Mirzə Fətəli Axundzadə (1812–1878) == Povestlər == Aldanmış kəvakib POVEST ALDANMIŞ KƏVAKİB (H E K A Y Ə T İ - Y U S İ F Ş A H) Səfəviyyənin əvaili-səltənətində Qəzvin paytəxt idi. Hadisati-mütənəvviənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki: Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü. Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: Mirzə Sədrəddini çağır gəlsin! Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki: Mirzə,nə var? Münəccimbaşı ərz elədi ki: -Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki,novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əz-hadisə qibleyi-aləmə məruz edim. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir, xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-üzmaya saldı. haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: Xub, mürəxxəssən, get! Münəccimbaşı kürnuş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə hüzura daxil olduqda buyurdu ki: Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! Xacə çıxıb bir az vaxtdan sonra ehzar olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular. Şah buyurdu ki: Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki: Aya sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadi- səni ez vücudumdan dəf edə bilərəm? həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa: Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədihiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pedəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisül-əql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu. Bu keyfiyyətə hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hekumətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ berəsmipeşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə,sahibi-kaşanə əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu nev tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddimci ilidir, xəzineyi-amirə əlhəmdu lillahi-vəlminnə, nüqudi-vafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-mütəsəvvirdir, amma kəvakibin müqabilində tədbir göstərməyə əlhəq acizəm. Bundan sonra sərdar Zaman xan şüru elədi: Bu çakəri-xalis, saqqalımın tükünü devləti-əliyyənin xədəmatında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sərəskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pedəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun güruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər, körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdu ki, əsla ezü ilə topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir ögüz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı. Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür... Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müstövfi Mirzə Yəhya təkəllümə gəldi: Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetişdiyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyəti-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki,qoşunun və əvasiti-sahibmənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzineyi-amirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfimdən cüdaganə nəviştə olmamış məhz fərman mucibilə məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmali ucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar. Belə işlər xüsusunda mənim zehni-dəqiqim yədi-beyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır... Növbət yetişdi mollabaşıya, təqrir elədi: Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əimmeyi-əthar hörmətinə cəmii-afati-səmavidən və ərzindən məhfuz etsin! Bu daiyi-dəvami-dövləti-qahirənin ixlas və sədaqəti,silsileyi-cəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir! Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbiisna əşəriyyəyə hidayət etmişəm. İndi allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular. hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrən-diş kimsənələr məsləhət görmədilər ki, lüzumu yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir. Əlavə, müşəxxəsdir ki, əimmeyi-ətharın əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə zati-şərif və vacibüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir. Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elam etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyurmuşlar, nə öz övladlarının. Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəlli-xətərdədir, mənim ürəyim qüssədən, tabadaki balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşının özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəfinin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə: necə ola bilər ki, zəhri göstərə, padzəhri göstərməkdən özünü kənar çəkə? Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: "küllü münəccimin kəzzab!"* İstinad:*( Münnəcimlərin hamısı yalançıdır.) Bu hədsi mən onların nə əhvalına isnad edirəm, nə elmlərinə. Çunki o məlunların əxbarı əksər evqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar! Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun ezündən əlac istəsin. Əgər üzr gətirsə, boynunu vurdursun. Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pedərini yandırsın. Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?... Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki: Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələminə gedərəm, mənsəbdən məzul ollam. Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki: Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin! Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi: Pedərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən?! Cəllad! Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladıq yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki: Apar bu səgin bu saatda boynunu vur! Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqi-qülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz elədi ki: Təsaddüqün olum, bu səgin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqi-xahiş cavab verməsə, o vaxt müqəssir və müstevcibül-qətldir. Şah cəllada buyurdu ki: Onu qoy get! Sonra münəccimbaşıya rücu edib dedi ki: Məlun, bu saatda hadisənin dəfinə əlac göstər! Biçarə münəccimbaşı yaman halda idi. hadisənin dəfinə heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki: Təsəddüqün olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim "Zici-Uluğ bəyə" mülahizə edim, qayıdım ərz eləyim. "Zici-Uluğ bəy"də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində ezündən artıq təcrübəli bilirdi. Şah rüsxət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki: -Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir. Şah buyurdu: Çağır gəlsin! Münəccimbaşıya dedi ki: Bir az hüzurda qal! Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ gətirdi. Şahın işarəsilə oturub ərz elədi ki: Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali-sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş-əz-vəqt hadisəni elam edib, dəfinə tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala! Şah nəhayətdə xoşhal olub buyurdu ki: Mevlana, biz elə o xüsusda göftgu edirdik. hadisə mə- lumdur. Tədbirini izhar edin. Mövlana ərz elədi ki: Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə və təxtü tacı təslim eyliyə bir mücrim və vacibül-qətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə təxtü taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər. Amma görək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü tacdan əl çəkir: ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padşah bilələr və gərək hərəmxanə xatunlarının da təlaqı verilib kəbin kağızları yırtıla. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradinasdən dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla... Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarmış ikən qırmızılığa təbdil tapdı. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki: Əhkami-şərə mütabiq bir qayətdə mücrim və vacibülqətl kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək? Mollabaşı cavab verdi ki: Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə tapılmaz; adına Yusif Sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə üləmayi-giramın və xüddami-şəriəti-qərranın zərbinə və zəmminə zəbangüşadır. Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə, guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən əvamə caiz körmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövləti-əliyyəyə dəxi bəhslər varid edir, deyir ki, kətxudadan tutmuş padşahadək küll ərbabi-mənasib əhli-zələmə və qüttaüttəriqdirlər, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə ez həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu gunə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir. Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir. Bu daiyi-dəvamı-dövləti-qahirə belə səlah görürəm ki, qibleyi-aləm səltənəti və təxtü tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən ez cəzasına yetişib dərəki-əsfələ vasil olsun. Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə dedilər ki: -Yusif Sərrac pedərsüxtə bilkülliyyə .qətlə səzavar və bəlayi-asimaniyə müstəhəqdir. Şah xoşhal olub buyurdu ki: Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır. Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı. Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqə edirəm ki, "Tarixi-Aləm-Ara"da Şah Abbasın cülusunun yeddinci ilində sadir olan vəqayiə mülahizə etsinlər. İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir? Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbəlayı Səlim bir mömin və müttəqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd ezündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmili-ülumə şüru etdi. Müddəti-mədid orada məks edib tamam ülumi-islamiyyəyə vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaət bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin. Kərbəladan qayıdıb varid oldu həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada arqıq görünürdü. Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə ezünü və əyalını saxlamağa məşğul oldu. Çünki bir mərdi-səlimünnəfs və nikukar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkəti-naşayistəsi onun xatirinə toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə bais oldu. Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış tamam əyan və əşraf və ərkani-dövlət və üləma və sadat və cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzəraya dək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzari-dərbara tutub xitab elədi: Cəmaət, imdi yeddinci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbi ilə həmişə mənə ixlas və sədaqət göstəribsiniz. İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim ki, bu rütbəyə məndən əlhəq və şayistədir. haman şəxsi mollabaşı və sərdar Zaman xan və vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərəcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə! Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki: İndi mən əfradi-nasdən bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! - deyib, təxtdən düşüb hərəmxanaya rəvanə oldu. hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər... hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər, amma şahın mühib baxışı və qaşqabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki: Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir! Mollalar dişqarıda piş-əz-vəqt hazır olmuşdular. hüzura daxil olduqda şah oturmağı işarə etdi. Sonra üzün hərəmlərə tutub xitab elədi: Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburam ki, bir yaman xəbər sizə elam edim. Sizə məlum olsun ki, indi mən dəxi İranın padşahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdən bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labüddəm ki, sizin təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. Sonra üzün Molla Rəsula tutub buyurdu ki: Buların siğeyi-təlaqlarını cari eylə! Molla Rəsul hamısının təlağını yanındakı ədleyn hüzurunda oxudu. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə və iztiraba düşdülər, heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir. Cümləsi heyran qaldı... Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəmə mütəvəcceh olub dedi ki: Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə olsunlar; çünki şah çox cavan və göyçək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə-düşmuşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki: Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və dərəcəmizdən çox xoşnud idik; indi ki, bu bəxtəvərlikdən məh- rum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik, haman saat bu iki iəfər mürəxxəs oldu. Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciot etdi. Kürcüstanda onun nəqlinə bavər etməyib belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar. Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı. O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namizəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namizədinə vasil oldu. Sair hərəmlərin nikahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyə qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu. Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztiraba düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. Bu keyfiyyət bahalığa bais olmuşdu. Yusif Sərrac deyirdi: Təəccüb edirəm bu dövlətdən ki, Qəzvinə su çıxarmaq üçün həzar gunə istitaət və qüdrəti var, amma belə qəflətdədir ki, əsla bu əmrə mültəfit olmayıb öz rəayasının halına və paytəxtinin revnəqiiə təvəccöh etmir. Bu halda meydanın məğrib səmtindən bulut kimi toz qalxdı. Yusif Sərrac iynəsi əlində başın yuxarı qovzadı, gördü ki, bir əsas peyda oldu və əsla xəyalından keçirmədi ki, bu əsas və tədarük onun üçündür. Qabaqda on iki şatır qıvraq geyinmiş, çəharguşə berk başlarında, onların dalısınca on iki ələmdar əlvan ələmlər əllərində, sonra dəsteyi-pişxidmətan ki, birisinin başında bir məcməi var idi. Dəstəyi-fərraş, əllərində ağac, onların əqəbində miraxur, yedəyində bir türkmən atı; cəvahir nişan yəhər və əsbab üstündə, mürəssə rəxt başında, mirvarid sinəbənd döşündə, zümrüd qotaz boynunda. Bunlardan sonra mollabaşı və sərdar Zaman xan, vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı, üləmayi-giram və sadati-üzam və sair əyan və əşrəf və ərbabi-mənasib və bir dəstə piyada və bir dəstə atlı kəmali-şükuh və aram ilə gəlirdilər. Elə ki, Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca kürnuş etdilər. Yusif Sərrac ayağa durub təvazö elədi, amma qayət təəccübdə. Sonra mollabaşı təkəllümə gəlib dedi: Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri sərəfraz və xoşbəxt eləyin, dərbari-şahiyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun. Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. Bu səzləri ona mollabaşı deyirdi ki, İranda bir mətin kimsənə hesab olunurdu. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onu doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi: Mənim məxdumum mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü tac Hara? Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə həml edəm... Mat və heyran qalmışam. Təvəqqei-çakəranə edirəm ki, mənə sataşmayasınız! Sərdar Zaman xan sözə şüru elədi: Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləmiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüuri-kamildə varıq, amma həzrəti-barinin təqdirinə təbdil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir. Mollabaşının qovluna görə dərbari-şəhiyə təşrif-fərma olun ki, cülusi-hümayun vaqe olsun. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: Xələti-şahanəni gətirən, qibleyi-aləmi geyindirin! Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə. Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla ez xahişlərini əmələ gətirsinlər. Elə ki, libas geyinmək tamam oldu, miraxur mürəssə rəxtli atı qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. Fərraşların küçələrdə "berəvid! berəvid!" səsi hər dəqiqədə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı. Dərbari-şahinin qapısında fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturtdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl toppuzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi: Mübarəkbad edin! Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə, şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar. Əgərçi Sədi və hafizdən sonra İranda şer qayətdə tənəz-zülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu, amma genə əlhəmdü-lillah o halda bir neçə nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-qərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü hikmətdə - Süleymana, səxavətdə - hatəmə, şücaətdə - Rüstəmə, qüdrətdə - qəza və qədərə təşbeh eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsən-cani-Qəzvin belə tapdılar; "Şahi-xuban nəbud Yusifi-ma, Leyk u şahi-mülki-İran şod".* İstinad: -( Bizim Yusif közəllərin şahı deyildi. Amma İran mulkünun şahı oldu.) Elə ki, bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki: Mürəxxəssiniz! hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar. Yusif şah təhəyyür aləmində fikrə piçidə OLDU. Bir neçə dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu: Siz kimsiniz? Xacə Mübarək cavab verdi ki: -Biz sizin çakərani-müxlisiniz; xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər. Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki: Siz kimsiniz? Əzim bəy pişxidmətbaşı cavab verdi ki: Biz sizin kəminə nökərləriniz, pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər. Yusif şah soruşdu ki: -Bəs o dişqarıda görükənlər kimdir? Əzim bəy cavab verdi ki: Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kə- mərbəstədirlər. Yusif şah buyurdu ki: Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki: Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil. Çünki həmişə şah Abbas oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgusunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziy-yəni ibtidadan intihayadək Yusif şaha nəql etdi. Yusif şah soruşdu ki: Bəs Şah Abbas haradadır? Xacə Mübarək cavab verdi ki: Bir gəda libası ilə müləbbəs olub napədid oldu. Mə- lum deyil ki, hardadır. Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi, buyurdu ki: Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşı Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddini və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən! Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxid-mətbaşı Əzim bəyi ehzar edib buyurdu ki: Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. Pişxidmətbaşı ərz elədi ki: Tapşırmışam, aşpazlar şam üçün təam hazır etməyə məşğuldurlar. Şah buyurdu ki: Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət ota- ğım hansıdır. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə quş şəkilləri ilə divarı və səqfi münəqqəş olmuşdu. İkinci otaq da habelə fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. hərəmxanə otaqlarının cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi. Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki: hərəmlərin ziynət otağı hansıdır? Xacə Mübarək ərz elədi ki: O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı san- dıqdar Ağa həsəndədir. Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqları hazır etdi. Ziynət otağının qapısını açdılar, şaha göstərdilər: bu bir böyük otaq idi; içində hər tərəfdən sandıqlar düzülmüş. Sandıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir şalları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış güllər və guşvarələr və üzüklər və mümtaz mirvariddən boyunbağılar idi. Yusif şahın üç qızı var idi: böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında. Qızlarının hər birinə bir gül və bir cüt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim etdi, buyurdu ki: Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin. Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi. Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi, sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Aftaba-ləgən gəldi, şah əlini yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi. Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki: Çox yaxşı, mürəxxəssən! Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki: Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyi-qeyri-mütərəqqibədən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabını saldılar. Pişxidmətbaşıya buyurdu ki: Qaravul müvəkkillərinə tapşır: qərari-sabiq üzrə hər yerdə qaravul qoysunlar. Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə Mübarək çıxdılar. hər birisi öz məqamına getdi. Sabahı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbi-mollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccimbaşılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmi-müəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacarmasınlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çıxardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalından və xalqın həvaicindən xəbərdar olub, gəlib ərz etsinlər. Yusif şah bu baxıcıları hüzura istəyib dedi ki: hakimi-vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur. Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. hanı damqanlı Cəfər xanın kürurları? hanı Səlim xan Qaragözlünün dövləti? hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib, sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə vardır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar. Bu əmrdə hakimi-vilayətlər, şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə, sahibi oları sıxar, tamam sorduqları qanı qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur. Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal rizqlərinə qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək. Bu sezləri təlqin edəndən sonra şah baxıcıları buraxdı. Sonra buyurdu xirac məbləği mötədil miqdaradək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə qərərdad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına vagüzar elədi ki, millət mürafiə cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki: vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasın və əmr etdi ki, xüms və imam malı verilməsin ta övladi-rəsul-əley-hüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər. Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi-fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsni-xidmətini bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divan hər vilayətdə əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə həvaləcati-məsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadı üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili-əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun. Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü-şəra tərk olunsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, bu ümid ilə ki, vədə başında ər-babi-həvaic mülk və mallarının istirdadından aciz ola-caqlar. Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlp pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlət-lilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə ezünə məruf olan şayistə adamlar təyin buyurdu. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Raməzana veriblər, qüssəsindən ficətən həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki, Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkanlardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxar-maq üçün köftgu olunsun və tədbir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin. Bu vaxtda Qolland taifəsindən bir parası fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçini əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. Onun nəvazişatından və əql və fərasətindən və qaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və kəmali-rizaməndlikdə müavidət elədilər. Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyami-səadət və iqbal üz verdi. Lakin çifayda, bəni-növi-bəşər heç vaxt yaxşı günə dözməz. Bizim babamız Adəmə və anamız həvvaya cənnətdə nə əksik idi ki, genə allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib köründü. Əvvəl dedilər ki: "Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!" Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süst-rəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zindəkanlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü. Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və onu qənimət bilməyə fürsəti fövt etmədilər. hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu: Sən allah, Mirzə həbib, de görüm xalq bizim təzə pad- şahımızın haqqında nə danışır? Mirzə həbib cavab verdi ki: Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikarə bilirlər. Miraxur: Vallah, Mirzə həbib, xalq bizdən əqillidir. Doğru deyirlər. Sən allah, bu necə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızın əvəzində mənsəbimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rusvaylıq olmaz ki, biz tutduq... Xəzinədar: Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; carəmiz nə idi? Miraxur: Xub, Şah Abbas o vaxt padşah idi, hökmü bizə rəvan idi. İndi ki, Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, bari nəcabətinə görə təxtü taca səzavar olsun?! Xəzinədar: Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyə mən səninlə müvafiqəm. Amma biz iki adamın əlindən nə gələr? Gedək əmiri-topxanənin yanına, onun rəyini dəxi hasil edək. Axı, o da bizim kimi məzullardandır. hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə oların gəlməyindən çox xoşhal oldu. Qayət şövq ilə sözlərinə qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki: Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış surət tapmaz. Əmiri-topxanə: Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənətində laməhalə bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək. Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır. heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına. Onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə və kəndxudalarla bu xüsusda göftgu etməyi və onların rəyini ələ almağı təəhhüd etsin. Müfəttinlər bir-birlərindən ayrıldılar. hər birisi getdi iş görməyə. Mətləb çox tez hasil oldu. Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfəttinlər qərar qoydular ki: Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Müqərrər olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, gülli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər... Yusif şah keyfiyyətdən xəbərdar olub buyurdu ki: Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirza Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət və aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə tərəfdən açıldı. Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-birləri ilə atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. hər səbəb rəf olubdur. Biz bilirik ki, o, harada gizlənibdir. Gedək gətirək, imarətinə yetirək! hamısı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü tacına əvvəlki kimi malik oldu. hər iş qərari-sabiq üzrə surət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı. Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahi-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaklığına və cəbbarlığına bietina nazir oldular? Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdu, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma kəvakibi də qınamaq [yeri] yoxdur. Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar... Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cənk başlayalar. * * * == Hekayəti Molla İbrahim-Xəlil Kimyagər == Hekayəti Molla İbrahim-Xəlil Kimyagər thumbnail Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli. Molla Həmid — onun şəyirdi, samuxlu. Dərviş Abbas — onun nökəri, iranlı. Hacı Kərim — zərgər, nuxulu. Ağa Zaman — həkim, nuxulu. Molla Salman — mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub, qəviheykəl. Məşədi Cabbar — tacir, nuxulu. Səfər bəy — mülkədar, nuxulu. Şeyx Salah — xaçmazlı. Hacı Nuru — şair, nuxulu. * * * Əvvəlinci məclis ƏVVƏLİNCİ MƏCLİS Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci1 ildə, baharın orta ayında. Hacı Kərim zərgər, xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman həkim və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağrılmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər. Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəcceh olub mətləb başlayır. Hacı Kərim zərgər: Həzərat, bilirsiniz ki, mən sizi nə işdən ötrü çağırmışam? Məşədi Cabbar tacir: Biz bir zad bilmirik. Hacı Kərim: Sizə qəribə xəbərim var. Kəldəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüxsət alıb, gəlib Xaçmazın dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. Ağa Zaman həkim: Mən dəxi eşitmişəm. Hacı Kərim zərgər: Şeyx Salah öz gözü ilə görübdür ki, Əylis erməniləri iyirmi beş min manat sikkəli pul gətirib, Molla İbrahimxəlildən əlli put xalis gümüş alıb aparıblar; belədimi, şeyxəna?! Şeyx Salah: Bəli, oxuduğum haqqı, mən gözümlə gördüm ki, Molla İbrahimxəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüş aldı apardı. Səfər bəy mülkədar: Biz də gedək, alaq! Molla Salman: Əgərçi nəqd pulunuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam, əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə razı olursanız, mən ondan sizə və özümə nə qədər pul istəsəniz ala bilərəm. Məşədi Cabbar tacir: Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. Tezliklə ələ gətirmək çox çətindir. Əgər mümkün olur isə, mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. Hacı Kərim zərgər: Min manat da mənim üçün al, evimi girov verdim. Ağa Zaman həkim: Min manat da mənim üçün al, övrətimin bağını girov verirəm. Səfərbəy mülkədar: Min manat da mənim üçün al, kəndim girov olsun. Hacı Nuru şair: (bimövqe cibindən bir kağız çıxarmış) Həzərat, bir yaxşı əhvalat, yəni avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm. A ğ a Z a m a n h ə k i m: Eh, Hacı Nuru, bu məclis nə şeyr məclisidir. Ağzımızda söz danışırıq, məsləhət edirik, bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keifiyyəti nəzm etmişəm. Ləzgi belə gəldi, belə getdi, bizə nə və bunun bizə nə faydası var? Hacı Nuru şair: (incimiş) Necə nə faydası var? Görərsiniz ki, o vaxt ləzgilər nə işlər sizin babalarınızın başına gətiriblər, nə birəhmlik onların haqqında ediblər. Keçmiş güzarişatı bilmək bifavdadır? Hacı Kərim zərgər: (xoşluqla) Hacı Nuru, hələ şeyr oxumaq vaxtı deyil. Bir özgə farağat vaxtda oxuyarsan. İndi de görək, Molla İbrahimxəlildən gümüş almağa getməyi sən dəxi məsləhət bilirsənmi? Yəqin ki, sənin dəxi əqlin qəbul edən işdir. Hacı Nuru şair: (mükəddərliklə) Xeyir! Molla Salman: Nə səbəb ilə? Hacı Nuru şair: O səbəblə ki, hər kəsin öz sənəti özünə iksirdir və xoş güzaranlığına baisdir; dəxi nə lazımdır ki, adam kimyagərlərin dalısınca düşsün. Molla İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə bilirəm ki, haramzadalıq pəstahası açıbdır. Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o, Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim izn verdi və kim gördü? İksirin aləmdə vücudu yoxdur. Əgərçi Xaçmazdan gələn bu Şeyx Salah sizi bir mərtəbədə inandırıb və əqlinizi çaşdırıb ki, mənim sözümə hərgiz etimad etməyəcəksiniz. Hacı Kərim zərgər: İksirin aləmdə vücudu olmağına dəlil çoxdur, ehtiyacı təqrirə yoxdur. Hələ sən bunu isbat elə ki, hər kişinin öz sənəti necə özünə iksirdir? Mən ki, zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm. Hacı Nuru şair: Ondan ötrü ki, xalqın arasında etibardan düşübsən. Heç kəs sənə iş tutdurmur. Əvaildə yanına əsbab qayırmaq üçün hər nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin, axırda fisqin büruz etdi. Dəxi yanına bir adam iş gətirmir. Əgər doğru rəftar etsəydin, əlbəttə, indi dövlətli kimsənələrin biri idin. Ağa Zaman həkim: Xub, mən niyə biövzaəm? Hacı Nuru şair: Ondan ötrü ki, öz sənətini tərk edib bilmədiyin işə ayaq qoydun, həkimlik sənin ki, sənətin deyil idi. Sənin atan usta Rəhman dəllək, ülgüc-bülöv ilə məğul dövlət qazandı, sən puç etdin. Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis dəlləkləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. Odur, bir qəbristanlıq adam qırdın, xalq işindən başa düşdü, tərkini qıldı. İndi nə dəlləksən, nə həkim... Neçə kərə mən sənə dedim ki, rus həkiminin yanına gedib barı qızdırma davasını ondan öyrən; qarpız suyu ilə qızdırmaya müalicə etməkdən əl çək, sözümə qulaq asmadın... Ağa Zaman: (etiraz ilə) Mənə dedilər ki, rus həkimi qızdırmaya xleb-sol ilə müalicə edir. Rus dili bilənlərdən soruşdum: sol nədir? Dedilər duz. Mümkündür qızdırmaya müalicə etmək duz ilə? Molla Salman: (Ağa Zamanın ağzını yumub) Kəs səsini, allahı sevərsən, həmaqətini az bildir, o duz başqa duzdur. (Sonra üzün Hacı Nuruya tutub) Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm?! Hacı Nuru şair: Onun da səbəbi var. Ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən; amma beyninə düşübdür ki, mən də gərək molla olam, ondan ötrü ki, atam molla idi. Atan oxumuşdu, kamalı var idi, molla idi. Sən ki, öz adını dürüst yazmağa qadir deyilsən; nə üçün molla olursan? Kamal ata kürkü deyil ki, irslə övlada yetişə. O səbəbdən xalq arasında miqdarın yoxdur; dövlətin haradan olsun? Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin. Səfər bəy mülkədar: Mənim niyə dövlətim yoxdur? Hacı Nuru şair: Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın; amma sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etməklə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. İndi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan, necə ki, Məşədi Cabbar təməinin çoxluğundan puluna yekəyek fayda kəsib, tamam cüzvi tənxahını birdən xalqa dağıtdı ki, birdən pullansın. İndi yalnız tənxahına da razıdır, əgər ələ gələ... Hacı Kərim zərgər: Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? Qış tapsan, yaz tapmazsan; yaz tapsan, qış tapmazsan; sənin sözünlə, sənin hünərin, yəni şeyr demək bəs gərək bir böyük iksir olaydı?! Hacı Nuru şair: Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filiz-zat lazımdır ki, onun tərkibini qəbul edə; habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir? Hacı Kərim zərgər: Bu nə qələt edir, nə yava danışır? Səni kim bu məclisə çağırdı? Nəsihət verən vaqe oldu? Görəsən, haradan bu belə filosof olubdur? Çıx get, sənin nəsihətin bizə lazım deyil! Tamam əhli-məclis: (bir yerdən) Çıx get, sənin nəsihətin bizə lazım deyil! Hacı Nuru şair: (tələsik şeyr kağızını götürüb qoynuna dürtür) Gedirəm, doğru söz acı olar. (Gedir) Hacı Kərim zərgər: (əhli-məclisə) Həzərat, sözümüz sözdür. Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına. Tamam əhli-məclis: (bir yerdən) Bəli, sözümüz sözdür. Pərdə salınır. * * * İkinci məclis İKİNCİ MƏCLİS İkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə. Molla İbrahimxəlil: Molla Həmid, Nuxudan yola düşən adamlar Şeyx Salahın yazmağına görə gərək bu gün ikinci çağı buraya yetişsinlər. Molla Həmid: Bəli, ağa, dəxi tez. Molla İbrahimxəlil: Molla Həmid, onlar gələndə hörmət elə, çadırda əyləşdir, əhvalat xəbər al, soruş ki, nə mətləbə gəliblər. Əgər desələr ki, pul gətirmişik, gümüş alacağıq, de ki, ustadım keçmiş kürələrin gümüşünü tamam Əylis ermənilərinə veribdir və bu əldəki kürənin gümüşü dəxi onlara satılıbdır və ikinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. Nahaq yerə siz cəfa çəkib gəlibsiniz... Ustadım sizdən nə pul qəbul edəcəkdir və nə də gümüş verə biləcəkdir. Əgər məni görmək istəsələr, de ki, ustadım üç günün etikafına əyləşib, ibadətdədir. Bu üç gundə adamla görüşmək və danışmaq ona mümkün deyil. Molla Həmid: Niyə, ağa, belə buyurursan? Bəlkə elə dedim, pulları götürdülər, geri qayıtdılar! Molla İbrahimxəlil: Qərib əhməqsən, sən nuxuluları mənə tanıdırsan? Onları öldürəsən, məni görməmiş və pulları mənə verməmiş buradan getməzlər. Sənə hər necə deyirəm, elə eylə! (Gedir öz çadırına.) Molla Həmid: (dalınca) Baş üstə, ağa! Bundan sonra, axşama iki saat qalmış nuxulular yetişir. Molla Həmid çadırdan bunların qabağına çıxır. Nuxulular (Molla Həmidə): Səlam-əleyküm! Molla Həmid: (onlara) Əleyküm-səlam! Xoş gəlibsiniz, səfa gətiribsiniz. Buyurun çadıra, əyləşin, rahat olun! Nuxulular: (Molla Həmidə) Çox müştaqvar idik sizi görməyə. Əhvalınız yaxşıdırmı? Damağınız çağdırmı? Molla Həmid: Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? Xüsusən Molla İbrahimxəlil kimi büzürgüvarın xidmətində!.. Nuxulular: Bəli, belə səfalı yer çox tapılar, amma Molla İbrahimxəlil kimi büzürgüvar ələ düşməz. Aya biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi? Molla Həmid: Mövlana üç günün etikafına oturub, ibadətə məşğuldur. Bu üç gündə bəniadəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil. Üç gündən sonra onu görmək olar. Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var? Nuxulular: Əvvələn, o cənabın ziyarəti ümdə mətləbdir. Saniyən, hər birimiz bir töhfeyihəqir xidmətinə gətirmişik, əgər qəbul edib öz şəfqətini bizə şamil edə. Molla Həmid: Bəli, anladım. Yəqin ki, pul gətirmişsiniz, gümüş almaq istəyirsiniz. Həqiqətimətləb budur ki, mövlana Molla İbrahimxəlil sizdən pul almayacaqdır; ondan ötrü ki, keçən kürənin və əldəki kürənin gümüşünü tamam Əylis ermənilərinə sikkəli pulun iki çəkisi bərabəri sövda edib, veribdir və ikinci kürənin də iksirinin tamam və təkmil olmağına bir ay qalıbdır. Bu surətdə mümkün deyil ki, mövlana sizin pullarınızı qəbul etsin və sizə gümüş verə bilsin. Ələlxüsus gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hər kürənin gümüşünü bir ay, iki ay peşəki sövda edib alırlar. Nuxulular: Bizim ixlasımızın nisbəti mövlana Molla İbrahimxəlilə görə sair kimsənələrin ixlasına bənzəməz. Əgər biz özünü görə bilsəydik, çox yaxşı olardı. Molla Həmid: Bu surətdə üç gün gərək səbr edəsiniz, taki mövlana müddəti-etikafını itmamə yetirə. Üç gün mənim əziz qonağımsınız. Nuxulular: Çox yaxşı, çox gözəl. Bu halda dərviş Abbas, sinni otuz, saçları çiyninə tökülmüş, gəndümgün, qırmasaqqal, dolu bığlı, uca qamətli, başında tac, çiynində pələng dərisi, əlində şahnəfir, qoltuğunda bir qırmızı böyük xoruz öz mənzilindən çıxıb heybətli səs ilə «ya hu, ya həqq» deyib, çadırların yuxarı səmtinə üz qoyub, bir münasib yerdə mıx çalıb, üç kərə şahnəfiri bozluyub, dağa-daşa səs salıb, xoruzu mıxa bağlayıb, Şeyx Sədinin əşarından bu üç fərdi xoş avaz ilə oxuyur. N Ə Z M Ruzi bəharəst xiz, ta bə-təmaşa rəvim, Təkyə bər əyəm nist, ta-digər ayəd bəhar. Xiz, qənimət şümər cünbüşi-badi-rəbi, Naleyi-mövzuni-murğ, buyi-xoşi-laləzar. Bərgi-dirəxtani-səbz dər nəzəri-huşmənd, Hər vərəqi dəftərist mərifəti-girdgar. Yenə üç kərə şahnəfiri bozluyub xoruzdan on qədəm iraq otların üstündə pusti-pələngi salıb, genə qaim və heybətli səs ilə «ya hu, ya həqq» çağırıb, pusti-pələngin üstündə iki dizin qucaqlayıb oturur. Nuxulular dərvişin və şahnəfirin səsindən, əvvəl halda, sərasimə çadırdan dişarı sıçrayıb, bu növ haləti-qəribənin müşahidəsindən mədhuşvar keyfiyyətin axırınadək nigəran olub dağdan-daşdan avazın əksi kəsilib sakit olandan sonra nəhayət təəccüb ilə Molla Həmidə mütəvəcceh olub məqami-suala gəlirlər. Nuxulular: (Molla Həmidə) Molla Həmid, bu dərviş nədir, bu xoruz nədir? Molla Həmid: (qəhqəhə ilə) Xa-xa-xa-xa-xa-xa! Bəli, bu sualı etməyə haq tə-rəfinizdədir. Çünki siz biçarələr əsrardan qafil və ülumi-hikmət və kimyadan bixəbər adamlarsınız. Haman ələf ki, iksirin cüzi-əzəmidir və vücudu bu dağlarda olur və mövlana Molla İbrahimxəlildən başqa bir kimsənə onu tanımağa qadir deyil, hükəmayi-Yunanın təhqiqinə görə xoruz sövti ilə nümüvv edər; dərviş Abbasın öhdəsinə müqərrərdir ki, hər axşam bu xoruzu gətirib, haman gördüyünüz rüsumu cari edib bir təzə yerdə bağlasın. Gecə sabahadək yatmasın, xoruzu çaqqal və tülküdən mühafizət etsin; tainki gecə xoruz banlasın və onun səsi ilə ələfi-iksir nümüvv etsin və xoruzun xidməti bə-qeyr öz tayi-feyi-dərviş sair əsnafi-xəlqə caiz deyil; necə ki, kitabi-Əcaibül-Qəraibdə sərahətən qeyd olunubdur. Nuxulular: (təəccüb üzü ilə) Allahü əkbər... Sübhanallah... P ə r d ə s a l ı n ı r. * * * Üçüncü məclis ÜÇÜNCÜ MƏCLİS Üçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. Molla Həmid, onun şagirdi, əl bağlayıb qabaqda durubdur. Molla Həmid: Ağa, buyurursunuzmu qonaqları hüzurunuza çağırım? Molla İbrahimxəlil: Yaxşı, get çağır! Molla Həmid baş vurub çadırdan çıxır. Nuxulular ilə bərabər qayıdıb Molla İbrahimxəlilin hüzuruna daxil olur. Nuxulular: (bir yerdə Molla İbrahimxəlilə) Səlam-əleyküm! Molla İbrahimxəlil təbəssüm ilə halətinə əsla təğyir verməmiş, ahəstə gah o tərəfə, gah bu tərəfə yırğalanmaqda, təsbehin dənələrin çevırə-çevirə səlamı rədd edir. Molla İbrahimxəlil: Əleyküm səlam, xoş gəlibsiniz, səfa gətiribsiniz. Zəhmət çəkibsiniz. (Nuxululara yer göstərir oturmağa.) Nuxululardan birisi: (oturandan sonra) Sizin kimi büzürgüvarın ziyarəti üçün çəkdiyimiz zəhmət bizlərə eyni-rahət və səadət göründü. Molla İbrahimxəlil: (Kəmali-istiğna və təbəssümlə) Mənim şagirdim Molla Həmid, sizin hüsni-övsafınızı mənə təqrir edibdir. Mən də sizi görməyə çox şaiq idim. Nəhayət bir əmr barəsində, vallah, bilmirəm necə deyim, zahirən sizdən şərməndə olacağam, çünki Molla Həmidin təqririndən məlum oldu ki, siz guya bir miqdar pul gətirib gümüş almaq xahiş edirsiniz. Nuxulular: (təməllüq ilə) Bəli, ağa, əgər şəfqətiniz şamil olsa. Molla İbrahimxəlil: (xoşnudluqla) Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. Gümüş müştərisi o qədərdir ki, hər kürənin gümüşünü bir ay, iki ay peşəki alıb pulun verirlər. Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar. Bu ayın başında tamam olası iksirin və kürənin gümüşünü də Vartaşen yəhudiləri yalvarıb alıblar. Bu yavuq zamanda getdilər pul gətirməyə. Bu xüsusda mən hətta hələ Molla Həmidə də deməmişəm. Çünki onun yəhudilərdən zəhləsi gedir. Amma mənim onlara rəhmim gəldi. Çünki onlar bu yavuq kənddə olduqları cəhətdən mənə çox qulluq edirlər. Molla Həmid: (miyani-kəlamda) Ağa, bunlar... Molla İbrahimxəlil: Hələ yavaş!.. Müxtəsəri-kəlam gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. Çünki iksirin əcza tərkibi gərək iyirmi gün müttəsil kükürd ərəqində yata, kili-hikmətdən qayrılmış zərfin içində və hər gün miqdari-müəyyəndə ona təzə ərəqi-kükürd qatıla. Sonra həmin əczayi-iksir gərək on gün müttəsil tizabi-ərğəvani ilə qəri-inbiqin içində qala və hər gün keçmiş tizab dəyişib tazələnə. Bu dövreyi-tərbiyət itmamə yetişəndən sonra əczayi-iksir gərəkdir hərarəti-nariyyə vasitəsilə öz təkmilini itmamə yetirsin. Gili-hikmətdən yapılmış butənin içində üç saəti-nücuminin ərzində xaricdən sair əczayi-əsrariyyə tədricilə məxluq olunmaq imdadı ilə ki, əvvəl bir cismimaye nəzərə gəlir və sonra müncəmid olub yumşaq cismi-sabit olur. İksir ibarətdir həmin bundan ki, filizzati-kəsifəni, məsələn, mis kimi miqdari-müqərrərdə ərinəndən sonra bəmücərrədi- məzc xalis gümüşə münqəlib edir. Mənim işim həmin budur. Amma əhməq xalq öz qərari ki, eşidirəm, hər yerdə şöhrət verir ki, mən kəşf və kəramət sahibiyəm. Hərgiz belə deyil, mən deyiləm, məgər bir təqva sevən və həsənata talib adam ki, əvvələn cənabi-barinin tövfiqi ilə və saniyən elmi-kimyada olan bihəsr ittilaat və tətəbbuatımın imdadı ilə ülumihikmətdə müddətlər ilə gördüyüm təcarübün vasitəsilə aləmi-təbiətin əsrarına pey aparıb iksirin tərkibinin keifiyyətinə vaqif olmuşam. Hər dəfəyi-tərkibində bir para xarici, mənəvi şəraiti diqqətlə məmul və məlhuz etmək ilə ki, iksirin xəvassının müqtəziyatındadır. Əgərçi sair mütəarif xalqa görə bu növ şəraiti-mənəviyyə badii-nəzərdə qəribə və əcibə görünür. Molla Həmid: Ağa, onu ərz edirdim ki, bunlar hamı müsəlmandırlar, bunların tərcihi məlun cuhudlara vacibdir, əgər kərəminiz olsa... Molla İbrahimxəlil: (bir az dikəlib) Xeir, elə deyil, mən söz vermişəm, milyon üçün öz sözümü dəyişmənəm. Bax, mənim xatirimə nə gəlir; hələ əvvəl sən mənə de görüm: bu ayın kürəsinin iksiri müddəti-təkmilindən sonra neçə pud misi gümüşə-münqəlib etməyə kifayət ədəcək? Molla Həmid: (Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə verib, yarım dəqiqə mütəəmmil olub cavab verir) Otuz iki pud gümüşün iksiri mürəttəbdir ki, otuz gündən sonra təkmilə yetib, otuz iki pud misə vurulub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvailində otuz pud gümüş mövcuddur, necə ki, iksirin və filizzati-kəsifənin miqdarını mülahizə etməkdən müşəxxəs olur. Molla İbrahimxəlil: Bu həzərat nə qədər pul gətiriblər? Nuxululardan birisi: Beş min manat, ağa. Molla İbrahimxəlil: Xub, Molla Həmid, bax mənim xatirimə nə gəlir: bu həzəratın pulu cüzvi imiş. Bunlara on pud gümüş vermək lazımdır. Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. Sən necə bilirsən, yaxşı kəsdim işi? Həm sənin təvəssütün həm məzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. Nuxulular: (baş vurub razılıq yolundan) Allah dövlətinizi artırsın. Buyurursunuz, ağa, pulları hüzurunuza təslim edək? Molla İbrahimxəlil: (azca başını əyib ahəstə, istiğna ilə) Pulları mənə nə lazım təslim etmək. Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyata özüm mübaşir olam. Sayın, tapşırın Molla Həmidə, otuz gündən sonra genə buraya gəlin, on pud gümüşünüzü alın, aparın. Xudahafiz! Günorta namazının vaxtı yetişir. Nuxulular: (baş vurub xoşhallıq ilə) Allah ömür və dövlətinizi artırsın! (Çadırdan çıxırlar.) P ə r d ə s a l ı n ı r * * * Dördüncü məclis DÖRDÜNCÜ MƏCLİS Dördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir. Molla İbrahimxəlil: Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsilə kiçik körük ilə çıxar gətir! Kürəni yerə qoy, körüyün lüləsini ona keçir, kürəyə od sal, butəni üstünə qoy. Çadırın dalısından kömür çuvalını gətir, kürənin yanına tök. Gir çadıra, bir məcməi içində üç rəngarəng balaca şüşə var və üç rəngarəng bükülmüş kağız var, götür gətir; sarı bükülmüş kağızı aç, içindəki əczani tök butəyə, yaşıl şüşənin suyunu endir butənin içinə otur, körüyü bas! Bu buyruqlar tamam olandan sonra Molla İbrahimxəlil dəmir maşaya yapışıb butəni od üstündə bərkidir. Bu halda birdən çadırın dalısından, qıraqda atdan enmiş nuxuluların başları görükür. Molla İbrahimxəlil öz işinə məşğuldur. Aşağı əyılib butəyə baxır, nuxuluları görmür. Amma onlar Molla İbrahimxəlili bu halət ilə görməkdən vəcd edib, şövqdən qaim sövt ilə çığırırlar. Nuxulular: Səlam-əleyküm!.. Molla İbrahimxəlil: (başını qovzuyub) Əleyküməssəlam! Ax, siz bu gün nə üçün buraya ayaq basdınız?! Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zae etmək fikrindəsiniz! Vay, vay! Ax, ax, ax. Nuxulular: (təhəyyür ilə) Ağa, nə vaqe oldu? Bizdən nə təqsir sadir oldu? Biz nə eləmişik? Molla İbrahimxəlil: (kəmali-yəsdə) Dəxi bundan artıq nə edəçəksiniz ki, bu gün iksir tamam və təkmil olan saatda və əcza butədə qaynayan vaxtda bu yerə ayaq basdınız. Axır iksirin xasiyyəti budur ki, butədə qaynadığı yerin dörd ətraf və həvalisində bir ağacadək əcnəbi bəniadəm ayağı gərək basılmasın. Və illa iksir öz xasiyyətini itirib havaya qalxar və puç olar. Necə ki, Şəkkaki-müsəxxiri-əcinnə bu xüsusda təkidati-bəliğə edibdir. Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric xəlvət guşəyə özümü çəkmişəm? Nuxulular: (heyrətlə) Ağa, biz sizin buyruğunuza görə gəldik; otuz gün bu gün tamamdır. Molla Ibrahimxəlil: Axı, mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün ötürüb otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olardı. Siz gəldiniz otuzuncu gündə, iksirin butədə qaynamaq vaxtında. Ax, ax, ax! Nuxulular: Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir? Molla İbrahimxəlil: Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz... Əlac münhəsirdir ancaq buna... Molla Həmid: Məgərinki... Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir? Molla İbrahimxəlil: Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki qanuni-kimya təqaza edib, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir; və illa həmin iksir ki, indi bir aydır müttəsil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyndə puç olub havaya qalxacaqdır. Xasiyyəti belədir, necə ki, Çullu həkim mükərrər təcrübə edib, öz kimya kitabında sərahətən yazıbdır. Nuxulular: (əlac səhl görünməkdən sevinib bir yerdə) Çox yaxşı, ağa, bu bir asan işdir; təki iksirin təkmili buna mövquf olsun... Molla İbrahimxəlil: Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı oldum. Molla Həmid, körüyü bas!.. Molla Həmid körüyü basır, Molla İbrahimxəlil butəni dəmir maşa ilə çevirir. İçinə yanındakı əczalardan birisin tökür, şüşələrin birisindən damızır, geri çəkilir. Saatı qoyun cibindən çıxarıb baxır. Bu halda Ağa Zaman həkim üzünü ona tutub. Ağa Zaman həkim: Ağa! Bundan başqa çarə yoxdurmu? Molla İbrahimxəlil: Nədən başqa? Ağa Zaman həkim: Meymundan başqa. Molla İbrahimxəlil: Kişi, nə danışırsan! Nə söyləyirsən! Vaveila!!! Ağa Zaman həkim: Axı, necə eləyim, ağa? Meymunu yadımdan çıxara bilmirəm. Molla İbrahimxəlil: (darılmış və qeyzlənmiş) Kişi, kəs səsini!! Unut fikrindəkini!! Ağa Zaman həkim: Baş üstə, ağa! Molla İbrahimxəlil: (şəyirdi Molla Həmidə qeyzlə) Körüyü bərk bas! Yatırsan nədir! Əyilir butəyə baxır, genə bır zad göy bükülmüş kağızdan butəyə tökür. Bu halda nuxululardan birisi, yəni Molla Salman papağını başından götürüb. Molla Salman: Uf, nə istidir... Uf, lənətə gələsiniz! Uf, əl çəkməzlər! Çarə yoxdur... Molla İbrahimxəlil: Kim lənətə gəlsin? Kimdir əl çəkməyənlər? Nədən çarə yoxdur? Nə söyləyirsən? Molla Salman: Uf, çarə yoxdur... Əlac yoxdur... Sair nuxulular: Doğrudur, heç çarə yoxdur... hərgiz mümkün olmur. Molla İbrahimxəlil: (hamısına qeyzlə) Necə çarə yoxdur? Necə əlac yoxdur? Nə var? Sizə nə olub? Molla Salman: (yoldaşlarının halətindən və təsdiqindən cürətlənib cavaba iqdam edir) Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar!.. Lənətə gələsiniz, həmdunələr! Sair nuxulular: (başların yuxarı qovzuyub) Uf, lənətə gələsiniz meymunlar! Lənətə gələsiniz həmdunələr! Bu nə işdir düşdük. Molla İbrahimxəlil cəld butəyə bir zad tullayır ki, nuxulular başları yuxarı görmürlər. Bırdən butədən güllə kimi qığılcımlar sıçrayıb hər tərəfə dağılır, butə part edir. İksiri-mövhum barıt kimi havaya uçur. Od hər tərəfə səpələnir, tüstü havanı basır. Molla Həmid körüyün dalısından hövlnak gerı sıçrayır. Molla İbrahimxəlil ikiəlli saqqalının tükünü yolur; gah dizinə çırpır və gah fəryad edir. Molla Ibrahimxəlil: (nuxululara fəryad ilə) Evinizi allah yıxsın! Bu nə işdir etdiniz? Evinizi allah yıxsın! Qapınız çırpılsın! (Başının tükünü yolur, dizinə çırpır.) Nuxulular: Ağa, sakit ol! Aram tut. Olacağa çarə yoxdur. İndi bizim təklifimiz nədir? Molla İbrahimxəlil: (şiddət diltənglik ilə) Sizin təklifiniz nədir? Təklifiniz budur ki, indi gün batmamış özünüzü yaxın kəndlərə yetirəsiniz. Qabaqdaki iksirin müddəti-təkmilinə qədər, yəni otuz bir gün gözətləyib, genə buraya qayıdasınız. Həmin cüzvi beş min manat pullarınız əvəzində ki, bir para zəruriyyəti-lazimiyyə üçün bilkülliyə məsrəf olunubdur, gümüşünüzü alıb aparasınız. Bəşərtiki, mən sizə piş əz-vəqt xəbər göndərməmiş gəlməkdə sibqət eləməyəsiniz ki, məbada günlərin sayında genə bir günə səhv qılmaq ilə bimövqe iksirin təkmilindən əqdəm buraya gəlib o iksiri də bunun kimi xərab etməyəsiniz. Sizdən ötrü müşəxxəs olunan gümüşün üstündə xəyalımdadır ki, pullarınızın faydasını dəxi izafə edəm, ondan ötrü ki, sizə bir parça artıq gümüş vermək, mənə görə heç bir təfavüt etməz. Amma sizin kimi əşxasa bir həbbə də puldur. Xudahafiz, yola düşün, gedin! Mənim xəbər göndərməyimə müntəzir olun! (Gedir öz çadırına başı aşağı, yavaş, öz yanında söyləyəsöyləyə) Ümid olun ki, mən sizə xəbər göndərəcəyəm... Allah qoysa o vaxtadək bir çarə taparam ki, bir də sizin üzünüzü görməyim. Nuxulular qurumuş mat qalır. P ə r d ə s a l ı n ı r. TAMAM OLUR. * * * == Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur == Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur thumbnail Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. ƏFRADİ-ƏHLİ-MƏCALİS Müsyo Jordan – Həkimi-nəbatat, parisli, qırx yaşında. Hatəm-xan ağa – Təklə-Muğanlı obasının bəyi, qarabağlı, altmış beş yaşında. Şərəfnisə xanım – onun böyük qızı, on altı yaşında. Gülçöhrə - onun kiçik qızı, doqquz yaşında. Şəhrəbanu xanım – onun arvadı, qırx beş yaşında. Şahbaz bəy – onun qardaşı oğlu, böyük qızının nişanlısı, iyirmi iki yaşında. Xanpəri – Şərəfnisə xanımın dayəsi, qırx yaşında. Dərviş Məstəli şah – cadukuni-məşhur, iranlı, əlli yaşında. Qulaməli – onun şagirdi, iranlı, otuz yaşında. * * * Birinci məclis BİRİNCİ MƏCLİS Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır. Gülçöhrə. Ağabacı, niyə ağlayırsan? Şərəfnisə xanım (onun əlini tutub o yana itələyir). İtil cəhənnəmə! Gülçöhrə (şitəngilik başlayıb genə onun tərəfinə əlini uzadır). Ağabacı, sən allah, niyə ağlayırsan? Şərəfnisə xanım (genə onun əlini rədd edib). İtil cəhənnəmə, deyirəm, əlimdə işim var, qoy işimi tutum. Gülçöhrə (genə haman qərar ilə). Sən ki iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməzsən, gedib anamı çağırram. Di, de görüm, niyə ağlayırsan? (Çarqatın başından dartır). Şərəfnisə xanım (darılmış onu bərk itələyib). İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutam. Gülçöhrə yıxılıb, durub ağlaya-ağlaya anası olan dama gedir. Şərəfnisə xanım (yalqız). Ax, ləktə, gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan, nə deyəcəyəm? Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. Yaxşı budur ki, danaram, deyərəm ki, heç ağlamırdım. Yaylığı ilə bərk-bərk gözünü silir; bu halda qapı açılır. Şəhrəbanu xanım içəri girir. Şəhrəbanu xanım. A qız, bu uşağı niyə itələyib yıxıbsan? Şərəfnisə xanım. Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darayım; elə şitəngilik edir: gah yunu qapıb, gah çarqatımı dartıb; axırda mən də cana doydum, bir tikə itələdim o yana, ağlaya-ağlaya qaçıb üstünə gedibdir. Qan-qan olmadı ki? Gülçöhrə. Ana, vallah, yalan deyir. Heç yun daramırdı, elə ağlayırdı. Mən deyirdim ki, ağlama! Məni itələdi, yıxdı, arxam üstə yerə dəydim. (Gözünü ovxalaya-ovxalaya ağlayır). Şəhrəbanu xanım. Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlım gözün qabağında. Yeməyin bol, geyimin bol, dəxi niyə ağlayırsan? Şərəfnisə xanım. Vallah, ana, ağlamırdım. (Gülçöhrədən bir çimdik götürüb). A yerə girmiş, mən haçan ağlayırdım?! Gülçöhrə təzədən lələ vay başlayır, sonra genə. Şərəfnisə xanım. Ana, vallah ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım? Şəhrəbanu xanım (gülə-gülə). Niyə demirsən ki, adaxlım da gözümün qabağında? Şərəfnisə xanım. Adaxlım kimdir? Şəhrəbanu xanım. Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra allah qoysa sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. Şərəfnisə xanım (şəhadət barmağı ilə baş barmağının arasında alt dodağını dartıb başını yuxarı qovzuyur). Bıy, anam nələr söyləyir. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə töy tədarükü görür. Şəhrəbanu xanım (təəccüblə). Şahbaz gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevirsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan da, ağlayırmışsan. Gərçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir? Şərəfnisə xanım (başın aşağı salmış). Özü. Şəhrəbanu xanım. Yaxşı, hara gedir? Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parisəmi, adı batsın, dilim də yovuşmur. Şəhrəbanu xanım. Yaxşı, Şahbaz kiminlə Parisə gedir? Şərəfnisə xanım. Qonağımız müsyö Jordan ilə. Şəhrəbanu xanım. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdir?! Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyö Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o də dəli-divanə olub deyir ki, gərək gedəm bir Parisi görəm. Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa gecə atımı minib, Arazı o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Parisi görüb seyr edəcəyəm. Şəhrəbanu xanım (toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzün tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə sözdür. Gülçöhrə qaçır. Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyu tez elə qurtar. Şahbazdan mən qorxuram, gündə min-min xəyala düşür, qulaq asmadı, uşaqlıq elədi, axırda belə oldu. Bu halda qapı açılır, Şahbaz bəy içəri girir. Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola? Şəhrəbanu xanım (qaşqabağın tökmüş). Şahbaz, eşidirəm ki, Firəngə, Parisə gedirsən? Bu necə sözdür? Şahbaz bəy (gülümsəmiş). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirərəm də. Şərəfnisə xanım. Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil; al Parisdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan. Şəhrəbanu xanım. Yaxşı deyir, aldığın təsəkləri ört firəng qızlarının başlarına, Şərəfnisəyə lazım deyil! Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var? Şahbaz bəy. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmənəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır. Şəhrəbanu xanım (acıqlı). Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parisə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parisə gedirsən?! Şahbaz bəy. Necə iyirmi gün mənim toyuma qalıbdır? Mən hələ uşağam, mən öz xahişimə bu tezliklə evlənməyəcəyəm. Toy etməyəcəyəm, məgər güc ola! Şəhrəbanu xanım (çığıra-çığıra). Bəli, güc olacaq! Əlbəttə, hələ iki il bundan irəli gərək sənə toy olaydı, əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar! Şahbaz bəy. Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanır; mənim, allaha şükür, nəyim əskikdir? Şəhrəbanu xanım (rəşxənd ilə). Bəs hansı dilənçilər görəsən quldur oldular, yollar kəsdilər? Allahı sevirsən, ağlına zor vermə. Sən lap azışıbsan, get işinə! Şahbaz bəy başını aşağı salıb gedir. Şəhrəbanu xanım. Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəngi Şahbazı tovlaşdırıb Parisə apara! A qız, Şərəfnisə, yadımdan çıxdı, de görüm ki, Şahbazı o çör-çöp döşürən nə sözlər ilə tovlaşdırıb Parisə aparır? Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, Parisdə tamam göyçək qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar. Şəhrəbanu xanım. Başqa nə söz deyibdir? Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, qızlar ilə, gəlinlər ilə oğlanlar bir yerdə oynuyurlar, danışırlar, gülürlər. Şəhrəbanu xanım (darılmış). Eh, başqa nə sözlər deyibdir? Bu hələ əvvəlki sözdür. Şərəfnisə xanım. Başqa söz çox dedi. O biriləri yadımda qalmadı, elə bir bu yadımda qaldı; mən nə bilim? Şəhrəbanu xanım (acıqlanmış). Allahu əkbər! A qız, axı mən necə Hatəmxan ağaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Paris qızlarına ayağı yanıb, müsyö Jordana qoşulub gedir? On altı yaşında qızın Şərəfnisə xanım burdan ora, Parisin qızlarının, gəlinlərinin xayınlığın çəkib. Hələ nə gedən var, nə gələn var, gözünün yaşın sel kimi axıdıb yas qurubdur! Şərəfnisə xanım (yerindən qalxıb). Bıy, allah, torpaq başıma, arvad nələr danışır! Ayağımın altından yer qaçdı, durub qaçım! (Tez damdan çıxır gedir). Şəhrəbanu xanım (üzün kiçik qızına tutub). Gülçöhrə, get atan damın dalında çobanlar ilə danışır, de ki, bir tez bura gəlsin, vacib işi var. Gülçöhrə qaçır. Şəhrəbanu xanım (öz-özünə). Bu firənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız, genə tarının hər günü nahara müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ hörmət eləmək bilmirlər. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Tamam yaxşılığım bada çıxdı getdi. Bu halda qapı açılır. Hatəmxan ağa (içəri girir). Xeyir ola, arvad, nə var, tələsik məni çağırıbsan? Şəhrəbanu xanım (qaşqabaqlı). Nə olacaq. Gəl gör, o çör-çöp döşürən, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlunu azdırıb, özü ilə Parisə aparır. Hatəmxan ağa. Necə? Müsyö Jordan Şahbazı Parisə aparır? Kim deyir? Şəhrəbanu xanım. Mən deyirəm! Şahbaz özü Şərəfnisəyə deyibdir! Hatəmxan ağa (qəhqəheyi-qeyri-təbii ilə). Xa-xa-xa! Şahbaz bilir ki, sənin qızının ürəyi kövrəkdir, ona sataşıbdır. Yəqin ki, Şərəfnisə də bu sözlərdən dərd edir. Xa-xa-xa, analı-qızlı iki pulluq ağlınız yoxdur. Hər boş sözdən ötrü yerdən olursunuz. Şəhrəbanu xanım (çığıra-çığıra). Sən elə hər zadı boş tutursan. Cahıl uşaqdır, bəlkə o firəngi bir para sözlər deyib, ağlını oğurlayıbdır. Kişisən, qan olmaz ki, hər ikisini bir çağırıb soruşasan ki, bu nə işdir, nə sözdür? Hatəmxan ağa. Çox yaxşı, arvad, allahı sevirsən, çığırma! Elə indi bu saatda çağırıb öz yanında soruşaram. Hövsələn daralmasın! Pərdə salınır * * * İkinci məclis İKİNCİ MƏCLİS İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir. Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana aparırsan, bu necə sözdür? Müsyö Jordan. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünki heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib-savad oğlan firəng dilini bilməyə; mən təəhhüd edirəm ki, onu Parisə aparıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər. İndi də mənim ilə durub oturmaqdan bir para kəlimatı hifz edibdir. Hatəmxan ağa (üzün Şahbaz bəyə tutub). Şahbaz, doğrudur ki, Parisə getmək istəyirsən? Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm. Hatəmxan ağa. Nədən ötrü, balam? Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi! Hatəmxan ağa. Firəng dili nəyinə lazımdır, əzizim?! Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, allaha şükür dövləti-əliyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavücudi ki, firəng və türki dilindən başqa özgə dil bilməzdi. Hatəmxan ağa. Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və xəvassından mütəlle olsun; öz işin yola aparsın. Şahbaz bəy. Zəmanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə onların da adət və xəvassından xəbərdar olmaq lazım gəlir. Hatəmxan ağa. Nə eybi var, onların da adət və xəvassını bilgilən, əgər istəyirsən. Şahbaz bəy. Bu surətdə əgər Parisə getməsəm, oranın əhlinin adət və xəvassından necə müttəle ola bilərəm? Hatəmxan ağa. Çox asan. Necə ki, mən onları bilirəm, ancaq müsyö Jordanı görmək ilə və sözlərinə qulaq asmaq ilə. Əgərçi Qarabağdan başqa bir özgə yer görməmişəm. Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Paris əhlinin adət və xəvassından xəbərdarsınız? Hatəmxan ağa. Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq. Şahbaz bəy. Əmi, bunu başa düşmədim. Hatəmxan ağa. Niyə başa düşmədin, balam? Çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin və çox ər almaq da ibarətdir ondan ki, bir arvad bir kişiyə iktifa etməsin. Əvvəlki adət bizdədir, sonrakı – Parisdə. O kitablara görə ki müsyö Jordan bu uzun qış onların məzmununu müttəsil bizə hekayət edibdir, dəxi hamı zadı bu qərə ilə fərz eylə, bifayda Parisə getmək niyyətindən düş! Müsyö Jordan (rişxənd ilə). Xa-xa-xa! Hatəm ağa, təəccüb edirəm ki, sizin kimi qəvaidi-məntiqiyyətdən müttəle, əqilli və fərasətli, mərdi-gühənsal bu zamana qədər məşvərətxanaların birisində ərkani-məşvərət silkinə daxil olmuyubsunuz; əgərçi mən siz təqrir etdiyiniz qaidəyə bir bəhs varid edə bilmənəm, lakin istərdim ki, mən bir neçə kəlmə ərz edəydim, əgər rüsxətiniz olsa. Hatəmxan ağa. Buyurun, həkim sahib! Sizin hər sözünüz bizə xoşdur. Müsyö Jordan (vüqar ilə). Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvələn, özüm onun tərbiyəsinə mütəvəcceh olub, firəng dilini və ülumunu bəqədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram; çünki mən kralın məxsus öz təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəmədiyəm; amma çün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz, ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağ gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki görürsünüz, (əli ilə bir kiyaha işarət edib) latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısında çox faydası var. Cənab Linney bunu fərz edir üçüncü dərəcədə və cənab Turnefort onu fərz edir dördüncü dərəcədə, amma mən onu ikinci dərəcədə fərz edəcəyəm və bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir yeddinci dərəcədə və cənab Turnefort onu fərz edir altıncı dərəcədə, amma mən onu fərz edəcəyəm onuncu dərəcədə və bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cənab Linney bunu fərz edir beşinci dərəcədə və cənab Turnefort onu fərz edir üçüncü dərəcədə, amma mən onu səkkizinci dərəcədə fərz edəcəyəm. Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə nafedir; cənab Linney onu altıncı dərəcədə fərz edir, cənab Turnefort beşinci dərəcədə fərz edir, amma mən onu dördüncü dərəcədə fərz edəcəyəm. Və hamı tapdığı nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm. Və mənim ismü rəsmim bu cəhətdən cənab Linneyin hamisi Georq Qllifordun ismü rəsmindən ərfə və əccəl və ülum üçün göstərdiyim xidmət Germaniyanın məcməyi-üləması kartoflu azarını axtarıb tapdıqları cəhət ilə vətənlərinə göstərdikləri xidmətdən əla və əfzəl olacaqdır. Hatəmxan ağa. Həkim sahib, vallah, heç başa düşmədim ki, nə danışdınız, Qlliford kimdir? Linney kimdir? Turnefort kimdir? Niyə onlar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germanı nədir, kartofl kimdir, o niyə azarlamışdır, o nə böyük şəsxdir ki, vətən bu mərtəbədə onun etidali-məzacına və tuli-ömrünə talibdir? (Bir qədər sükut olunur. Müsyö Jordan gülür, sonra genə Hatəmxan ağa). Yoxsa, həkim sahib, bizim Şahbazı da aparıb belə tapmacalardan öyrədəcəksiniz? Müsyö Jordan. Hatəmxan ağa, bağışlayın; doğru buyurursunuz, indi bildim ki, sizə nə qisim gərək misal gətirmək; məsələn, bir ay bundan əvvəl Qarabağın əlyetməz çölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam ki, adı yadımdan çıxıbdır, əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? Hatəmxan ağa. Həkim sahib, bax, bu söz necə aşkardır! Doğru buyurursunuz, əgər o, Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı. Şahbaz bəy. Başına dönüm, əmican, rüsxət verin, müsyö Jordan ilə gedim, əgər mənim xoşbəxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət ələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz. Hatəmxan ağa (bir az fikir edib). Həkim sahib, nə müddətə Şahbaz Parisə gedib qayıda bilər? Müsyö Jordan. Bir il çəkər gedib-gəlməyi, ziyadə çəkməz. Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bilkülliyyə hüsula gəlməz; çünki ümdəsi firəng dilini öyrənməkdir. Hatəmxan ağa (üzün arvadına tutub). Arvad, dəxi nə eləyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. uşaqdır, könlü istəyir, getsin, Parisi görsün. Həkim sahib də bir yaxşı adamdır, onun hüzurunda bir para mərifat kəsb edər; yaxşı, yamanı görər. Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədarükünə məşğul olluq, gələn kimi toyun başlarıq. Şəhrəbanu xanım (yerindən qalxıb çağıra-çağıra). Kişi, nə danışırsan, sənin fikrin haradadır? İstəmirəm onun Parisə getməyin də, mərifət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağın da! Bu sözlər tamam bəhanədir. Şahbaz istir getsin Parisə, məclislərdə, yığıncaqlarda üzüaçıq gəzən qız, gəlinlər ilə kef etsin, danışsın, gülsün, vəssəlam! Hatəmxan ağa (təngə gəlib). Ay arvad, bədir, allahı sevirsən, çığırma! Dəxi mən neyləyim? Bacarırsan, qoyma getsin! Göydə uçan qanadlı quşu əyləmək olursa, Şahbazı da güc ilə əyləmək olar. Rüsxət verməsəm, atılar minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? Sən onu tanımırsan məgər ki, necə höccətdir? Şəhrəbanu xanım (dəxi də bərk çığırıb). Mən ondan da höccətəm! Qoymanam getsin! Əgər Şahbazı Parisə getməyə qoysam, bu ləçək çəngilərin ləçəyi olsun! (Əlini uzadır örpəyinə). Şahbazbəy (gülə-gülə, arxayın). Allahu əkbər! Əmidostum bilmirəm hansı qaravulları ilə məni dustaq edəcək? Şəhrəbanu xanım (çığıra-çığıra). Görərsən; sən də öz bildiyindən, mən də öz bildiyimdən! (Qalxıb damdan çıxır). Hatəmxan ağa. Arvadların işi xətadır. Müsyö Jordan təəccüb edir və Şahbaz bəy qeyzlə samit qalır. Pərdə salınır * * * Üçüncü məclis ÜÇÜNCÜ MƏCLİS Üçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir. Xanpəri. Səlam-əleyk! Şəhrəbanu xanım. Əleykəssəlam! Xanpəri, bilirsən, iş necə keçdi? (Şərəfnisə xanım qulaq asır). İş belə keçdi ki, Şahbaz gedir Parisə. İndi səni ondan ötrü çağırdım ki, əgər bir əlacın var isə eylə. Hatəmxan ağa, özün bilirsən bir xamırağız kişidir. Əvvəldən yaxşı danışdı, amma sonra birdən boşaldı. Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. Amma mən gərək ya öləm, ya Şahbazı qoymayam getməyə. Doğrusu, Şərəfnisəni gözüyaşlı görə bilmənəm! Allah götürərmi Şahbaz getsin Parisdə kef etsin, on beş yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün? Xanpəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən. Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş Məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. Şəhrəbanu xanım. Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkəliyəm; o etdiyi işlərdən heç bilirsənmi? De görüm ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. Xanpəri. Xanım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynaşına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsinin ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz! Şəhrəbanu xanım. Gözüm Xanpəri, bəs tez oğlun Əlmərdanı bu saatda göndər Məstəli şahı Ağcabədi kəndindən alıb gətirsin! Desin, xanım çağırır. Hər nə istəsə vəd eləsin. Xülasə, axşam çıraq yanan vaxtda gərək Məstəli şah bizim evdə hazır olsun! Xanpəri. Baş üstə, xanım, bu saatda göndərrəm! Amma gərək Məstəli şah Hatəmxan ağadan, Şahbaz bəydən xəlvət bura gəlsin. Allax eləməmiş, əgər Şahbaz onu burda görsə, onu da öldürər və məni də sağ qoymaz. Şəhrəbanu xanım. Əlbəttə, mən indi bu saatda çıxaram. Hatəmxan ağanı da, Şahbaz bəyi də ilxıya baxmağa göndərrəm və tapşırram ki, gələndən sonra Şərəfnisənin evində yıxılsınlar-yatsınlar ki, gecə bu damda su qoyub Şərəfnisənin başın yuyub çimdirəcəyəm. Sən dur get, dərvişin dalınca oğlunu göndər. Hər ikisi gedir. Sonra Şərəfnisə xanım yalqız ayaq üstə.. Şərəfnisə xanım. Ux, Allah, kərəminə şükür, bir az ürəyim dincəldi! Yox olsun o ölkə ki, onda cadu, pitik olmaya! Əgər məməm deyən dərviş olmasaydı, şəksiz, müsyö Jordan Şahbazı aparacaqdı, günümü göy əskiyə tikəcəkdi. Bu halda qapı açılır, Şahbaz bəy içəri girir. Şahbaz bəy. Şərəfnisə, qadan alım, gilirsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi. Şərəfnisə xanım. Şahbaz, heç özün etdiyindən xəbərin yoxdur, əmidostunun çığırmağı gözünə görükür. Şahbaz bəy. Qadan alım, Şərəfnisə, mən özüm nə eyləmişəm? Şərəfnisə xanım (tez yeriyib, əlin uzadıb hanasının dalısından bir neçə yarım səhifə kağız çıxardıb açır). Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, gör Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə, yığıncaqlarda oğlanlar ilə bir yerdə oturub-dururlar? Hələ mən bu şəkilləri utandığımdan əmidostuma göstərməmişəm. Şahbaz bəy. Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər müsyö Jordanın kitablarının içində idi. Müsyö Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı, çıxardı, mənə verdi, apar adaxlına göstər və dedi ki, bu il Parisin qızları və gəlinləri belə paltar geyirlər. keçən il ayrı tövr paltarları var idi. Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parisdə libas geymək sayağı dəyişilir. Mən də gətirdim sənə verdim; bundan gələsi nə var? Şərəfnisə xanım. Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan, istəyirsən Parisə gedəsən! Şahbaz bəy. Şərəfnisə, bu nə sözdür deyirsən? Tamam Parisin qızları qurban olsun sənin bir tükünə! Mənim ki, sənin tək gözəl yarım var, behişt huriləri gözümə görükməz. Sənsiz mənim bir günüm olmasın! Şərəfnisə xanım. Bəsdir, Allahı sevirsən, bu bazıları bizə az gəl, sənsiz bir günüm olmasın deyən oğlan burdan Parisə getməz. Sən məni heç sevmirsən! Şahbaz bəy (uzanıb onun boynundan qucaqlayıb öpür). Şərəfnisə, doğrudan, sən məndən belə bədgüman olubmuşsan! Mənim ürəyimə bir ox vursaydın yaxşıdı ki, bu sözü üzümə dedin. Axır bir soruş gör ki, Parisə nə səbəbə gedirəm? Şərəfnisə xanım (ağlaya-ağlaya Şahbaz bəyin əlin boynundan qopardıb). Nə işim var soruşum; səbəbini özüm çox yaxşı bilirəm. Səbəbi bulardır ey! (Şəkil kağızların dişin-dişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına). Şahbaz bəy. Vallah, yox, səbəbi olar deyil, sən bilmirsən. Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqla adsız, sansız. Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim bizlərdən mərifət ilə, qulluq ilə xoşbəxt olubdur? Bu gördüyünüz xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. İkinci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orda qulluq elə. Bir azdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parisə bizlərdən nə gedən var, nə gələn var! Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanıyır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdandan sonra hər yerdə yerim olar. Şərəfnisə xanım. Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz? Şahbaz bəy. Parisdən qayıdandan sonra genə gedib Tiflisdə qulluq edəcəyəm. Şərəfnisə xanım (ayağı ilə şəkil kağızlarını itələyib). Parisdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura? Heç vaxt sən Parisə gedə bilməzsən. Ha vaxt getsən, öyün! Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır. Şahbaz bəy tez damdan gedir. Pərdə salınır * * * Dördüncü məclis DÖRDÜNCÜ MƏCLİS Məstəli şah. Səlam-əleyküm! Şəhrəbanu xanım (başın yuxarı qovzuyub). Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur. Məstəli şah (oturub). Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur! Şəhrəbanu xanım. Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb: bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, aparmasın. Məstəli şah. Xanım, bu cüzvi, yüngül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Parisin, ya müsyö Jordanın başında çatlasın? Məstəli şah. Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olar ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çollaq olsun, çünki çox uşaqdır, cavandır. Şəhrəbanu xanım. Bıy, allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olar! Məstəli şah. Bu surətdə gərəkdir ki, divlərə ifritələrə əmr edim ki, Parisi xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur. Şəhrəbanu xanım. Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı? Məstəli şah. Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar! Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukunə və sairə inanmayın. Aya, mən deyiləm ki, Kilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fəridi-əsrdir, Ağa Vəli Əliqulu oğlunun bədəninə müntəqil edib Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər! Hələ Səlyan xalqına az qisas etmişəm. Ondan ötrü ki, olar bildir məni Səlyana qoymayıb qovdular ki, bura darülmöminindir. Sən dərviş və cadukunsən, bura ayaq basma! Hansı işlərimi söyləyim? Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudi ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana, bu yana bələd olub keçirirdilər. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər. xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı? Şəhrəbanu xanım (təəccübdən əlin dodağına aparıb). Allah, dərdini əsirgə... Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, müsyö Jordan havaxt gedəcək? Şəhrəbanu xanım. On gündən sonra. Məstəli şah. Çox yaxşı, indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parisin heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritələrə hökm edəcəyəm ki, haman dəqiqə Parisi yıxsınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün; yainki bir böyük xoruzu qabağında tutub adın qoyacağam müsyö Jordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək həqiqətdə müsyö Jordanın boynunu vursun; taki Şahbaz bəy ondan xilas olsun. İndi buyurun görüm, cənabınız Parisin xarab olmağınımı istəyirsiniz, ya müsyö Jordanın boynunun vurulmağın? Xanpəri (tez əlin yuxarı qovzuyub, çalıb). Hər ikisini, baba dərviş! Firənglərə yazığımızmı gələcək? Şəhrəbanu xanım. Bıy, arvad, sənin ürəyin daşdır, nədir? Biçarə parislilər bizə nə eləyiblər ki, evlərin, imarətlərin başlarına yıxaq, min-min adamın qırılmağına bais olaq? Bu qalmaqala bizi ancaq o çör-çöp döşürən müsyö Jordan salıbdır. (Üzün Müstəli şaha tutub). Baba dərviş, hər nə bilirsən ona eylə! Burada xoruzun boynunu vur, Mərrix ulduzuna hökm et ki, o da müsyö Jordanın Arazdan keçəndən sonra boynun vursun. Şahbaz yalqız qalsın. Genə bu taya keçsin, qayıtsın gəlsin. Bir təqsirli adamın ölməyi çox yaxşıdır min-min günahsız xalqın qırılmağından isə. Şərəfnisə xanım. Can ana, elə demə, müsyö Jordan yazıqdır! Çox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz bəylə mənə göndərdi ki, apar adaxlına ver, görsün neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdır ki, Parisin əcaibat bağında bitən Yengi Dünya güllərin surəti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürrəm, qoymaram müsyö Jordanın boynu vurulsun! Paris dağılsın, bizə nə? Əgər orda qızlar, gəlinlər üzüaçıq gəzməsəydilər, Şahbaz heç vaxt ora getməzdi. Paris yıxılsın, qız-qəlini də qırılsın! Şəhrəbanu xanım. Vallah, bilmirəm hansına razı olam? Amma dəxi necə eyləyək? Şərəfnisə də doğru deyir, müsyö Jordan yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi beyninə salıbdır. Məlum ki, Parisdə yaman adamlar var imiş. Qəza bu dərvişi bizə yetiribdir ki, bunun cadusu ilə oranı yıxdırıb xarab edirik. (Üzün Məstəli şaha tutub). Baba dərviş, buyur divlərə, ifritələrə Parisi qaldırıb altını üstünə çevirsinlər! Məstəli şah. Baş üstə, xanım! (Üzün Xanpəriyə tutub). Xanpəri xala, çıx çölə, mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, gətirsin gəlsin. Xanpəri tez qalxıb çıxır. Məstəli şah. Xanım, Hatəmxan ağa, Şahbaz bəy indi haradadırlar? Şəhrəbanu xanım. O biri damda. İlxıdan qayıdıb yatırlar. Məstəli şah. Xanım, bu sirdən gərək olar və ya başqa adam nə indi, nə sonra xəbərdar olmasın ha! Və illah cadu heç əsər bağışlamaz! Şəhrəbanu xanım. Bu cəhətdən xatircəm ol, baba dərviş! Bu halda qapı açılır. Qulaməli (əlində xurcun Xanpəri ilə məclisə daxil olur). Səlam-əleyküm! Məstəli şah. Əleykəssəlam! Xurcunu yerə qoy, ağzının bağını aç, içində, üstündə əşkal çəkilmiş taxta parçaları çıxart! Qulaməli (farsi dili ilə ki, oturan ünas tayifəsi anlamasın). Mixahi çe bekoni? Məstəli şah. Mixahəm ki, heykəli-şəhri-Parisra bərpa nümudə, bədivhə və ifritha hökm günəm ki, dər türfətüleyi zirü zəbərəş künənd: misli onki əlan dər pişi-çeşmi-in xatun (gözü ilə Şəhrəbanu xanıma işarə edir) mən heykələşra zirü zəbər xahəm gərd. Qulaməli (gülümsənmiş). Vase çe? Məstəli şah. Vase səd danə bacaqluyi-tazə ki, hala əz in xatun bərayi-həmin mətləb xahəm gereft. Qulaməli (gülümsənmiş). Xub, in xatun ba paytəxti-firəng və əhləş çe ədavət darəd? Məstəli şah. İn hekayət xeyli dirazəst, tərqrirəş güncayişi in məqam nədarəd, təxtəparəhara əz xurcun birun gün! Qulaməli. Həmin saət, əmma hiç əqləm bavər nəmikunəd ki, in əmri müşkil surətpəzir gərdəd; nəmidanəm şuxi mikuni, ya nə? Dər türfətüleyi Paris xərab şəvəd, yəni çe? Məstəli şah (gülümsənmiş). Çera yəni çe, mərdəke? Hala in xatuni-mükərrəmə səd danə bacaqluyi-tazə bərayi in mətləb be mən xahəd dad və dəh ruz həm möhlət həst ki, caduyi-mən əsəri xudra be bəxşəd və kəsi həm bədin sirr vaqif nist və nə xahəd şod. Bəd əz giriftəni bacaqluha dəst və pa guşadəəm. Məgər ta dəh rus nəmitəvanəm ki, xudra be on tərəfi Ərəs beyəndazəm, məra dər onca ki, peyda xahəd kərd? Bəd əz mən hər çe badabad! Əgər ta dəh ruz Paris xərab şəvəd bacaqluha biqilü qal əz həzmi-rabe xahəd güzəşt. To çe midani, bəlkə ta on müddət besaniheyi əz sanihat. Paris xərab şəvəd. Məgər in növ hadisati-əcibə dər aləm kəmtər vüqu yaftəəst? Qulaməli (taxtaparaları xurcundan çıxarıb gülümsənmiş). İn fəqəreyi-əxirəra hərgiz əqləm qəbul nəmikünəd, xəyali-xaməst. Məstəli şah (gülümsənmiş). Bəs fəqəreyi-sabiqra əqləm qəbul mikünəd? On həm ki, xəyali-xamnist? Qulaməli (gülümsənmiş). Ari, dər on çe şəkkəst? Məstəli şah. Xub, digər həvəssəmra ba sualhayi-bifandə məğşuş məkun. Bero pişi-əsbha, müntəzir baş. Mən həm bəd əz yek saət əməli-xudra tamam kərdə mirəsəm, səvar mişəvim, baz migərdim. (Qulaməli gedir). Xanpəri xala, dur qapını bərk bağla. Adam-madam gəlməsin. Xanpəri durur, qapını bərk bağlayır, gəlir oturur. Məstəli şah (öz-özünə farsi dili ilə). İn tayifeyi-zənan əcəb biçarə və sadəlövhənd, biduni-təsəvvür və təəmmül bavər mikünənd ki, mən dər Qarabağ nişəstə Parisra dər türfətüleyn zirü zəbər mitəvvanəm kərd və ya Mərrixət dər on tərəfi Ərəs kərdəni müsyö Jordanra vəqti rəftən mitəvanəd zəd. Şəhrəbanu xanım. Baba dərviş, nə danışırsınız? Məstəli şah. Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikrdəyəm. (Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvər çızıq çəkir, deyir). Bu Paris şəhərinin dairəsi. (Sonra taxtaparaları bir-birinə yapışdırıb on-on iki böyük, kiçik hücrə və otaq şəklində cızığın içində evlər yapıb deyir). Bu da Parisin imarətlərinin və evlərinin şəkli. (Sonra üzün Şəhrəbanu xanımə çevirib). Xanım, buyurursunuzmu Parisi gün-gəyəkün etdirim, altını üstünə çevirtdirim? Şəhrəbanu xanım. Bəli, dəxi necə edək, allah səbəkara bəla versin! Qurunun oduna yaşlar da yanacaq, biçarə parislilər bizə bir zad etməmişdilər. bunun babalı olsun oların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üzüaçıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırlar. Baba dərviş, işinə məşğul ol. Məstəli şah. Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin! Şəhrəbanu xanım. Baba dərviş, divlərə ənam nə lazımdır? Məstəli şah. Pəh, xanım, məgər mənim divlərim İran sərbazı idi ki, müftə qulluq edələr? Məgər mən vəzir Hacı Mirzə Ağası idim ki, onlara heç zad verməyəm, ancaq söyəm, qorxudam? Ma qulamani in Əli şahim, Əz təmami zəmair əgahim, Nə məvacib, nə cirəvü nə əliq, Növkəri qürbətən iləllahim. Şəhrəbanu xanım. Baba dərviş, məgər Hacı Mirzə Ağası sərbazlara heç zad vermirdi? Ancaq söyüb qorxudurdu? Məstəli şah. Xanım, vallah, mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə Ağası topxana meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbaz onun dövrəsin çevrəyib başladı məvacib istəməyə. Haman saat Hacı Mirzə Ağası əyilib, ayağından başmağının bir tayını çıxarıb, əlinə alıb, beş min yaman ilə, alıcı quş kimi, cumuldu onların üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Heç birisini tuta bilməyib, qayıdıb topun yanına gəldi, üzün hüzurda duran xanlara tutub xitab eylədi: “Həzarat, gördünüz? Belə qorxaq qoşun ilə bilmirəm Heratı necə alacağam. Yaxşı ki, mən hələ qılınc ilə onların üstünə cumulmadım. Onda onların qaçmağı bilmirəm harada dayanacaq idi, Fəəmma bunu yalqız onların qorxaqlığına həml eləmək olmaz. Mənim rüstəmanə şücaətimin vahiməsindən ki, birdən olara həmlə elədim, onlar belə ürküb dağıldılar” Sərkərdənin... cürətində çox sirr var idi. İndi siz, xanım, güman eləməyin ki, mən divlərimi quru nağıl ilə bəsləyirəm; bəlkə mən gərək belə işlərdən ötrü onlara ziyaft edəm, oları oxşayam, oynadam, şihabi-saqib düşüb oları qıranadək. Şəhrəbanu xanım. Necə şihabi-saqib oları qıranadək? Baba dərviş, nə deyirsən? Məgər oları sonda şihabi-saqib düşüb qıracaq? Məstəli şah (gülə-gülə). Əcəb fikir edibsiniz! Bəs divlər, ifritlər nahaq yerə o qədər bigünah xalqın həlakətinə bais olurlar və gözəl şəhəri nahaq yerə xarab edirlər? Belə günahi-əzimin cəzasında allahın qəzəbi onlara yetişməz? Şəhrəbanu xanım. Yaxşı, baba dərviş, çünki belədir, niyə canlarından qorxmayırlar? Niyə belə işə ayaq qoyurlar? Məstəli şah. Əvvələn, o səbəbə ki, mən buyururam, ikinci o səbəbə ki, axmaqdırlar və təbiətlərinin təqazasıdır. Əgər belə etməsələr, dincələ bilməzlər. Şəyatin olmasaydı, dünyada heç bir yaman əməl olmazdı və bəni-adəmi yaman işlərə heç kəs düçar etməzdi. Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş! Nə qədər gərək divlərə ənam verək? Məstəli şah. Artıq istəmirəm, nə qədər ki, vədə edibsiniz, xanım, yüz bacaqlı. Şəhrəbanu xanım. Baba dərviş, çox olmazmı? Məstəli şah. Xub min-min tümənə dəyən şəhəri xarab etdirirsiniz, yüz bacaqlı versəniz çoxdur? Şəhrəbanu xanım (üzün qızına tutub). Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. (Şərəfnisə xanım tez qalxıb yükdən pul sandıqçasını alıb anasının qabağına qoyur, Şəhrəbanu xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır, deyir). Balam, Şərəfnisə, toy xərcinə dəxi heç pul qalmadı. Şərəfnisə xanım. Neynək, ana, bir-iki yüz toğlu satarıq genə pul olar. Şəhrəbanu xanım. Doğru deyirsən, balam, burun-qulaq başa sədəqə. (Üzün çevirir). Al, baba dərviş! Qızılları verir Məstəli şaha. Dərviş qızılları alır, qoynuna qoyur, tez biləklərini çırmayıb xurcundan bir kitab çıxardır, kitabı açıb vərəqləyir, bir para naxışlı səhifələrinə baxır, başını qovzuyur. Məstəli şah. Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindədir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz... (Sonra qalxır ayağa, əlində bir dəyənək, üzün Şəhrəbanu xanıma və qızına tutub). Xanımlar, qorxmuyun, ürəyinizi bərkidin! (Sonra gözlərin çevirir, surətin heybətli edir, bu məntəri oxuyur). Dəğdəğəha fətəndi, Tübbəl-kəra kərəndi, Tübbəl-kümü kümuha, Biyəndi, yəndi, yəndi. (Sağına-soluna üfürür, heybətli səs ilə divləri, ifritələri adları ilə çağırır, buyuruq verir). Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu? Şəhrəbanu xanım. Bəli, baba dərviş, çox razı oldum! Amma gərək Parisin dağılma xəbəri tez müsyö Jordana çata ki, öz başının hayına qala, Şahbazdan əl çəkə. Amma Parisdən bura bu xəbəri tezliklə bilmirəm kim çatdıracaq. Məstəli şah (qəhqəhə ilə). Xa-xa-xa-xa! Xanım, bir adam ki, buradan Parisə göz açıb yuman saatda bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, on günədək bura çatdıra bilməz? Nə xəyal edirsiniz? Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş, amma nə əcəb olardı ki, bu xəbər elə bu saatda müsyö Jordana çataydı, başımızdan olaydı. Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyülür. Az qalır qapı sınsın. Müsyö Jordanın səsi iztirab halətində qapının dalısından məlum olur. Dərviş Məstəli şah cəld taxtaparaları döşürüb tökür xurcuna, atır çiyninə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir. Müsyö Jordan qapını taraq-taraq döyür, az qalır qapını sındırsın; çağırır. Müsyö Jordan. Hatəmxan ağa, Şahbaz bəy, qapını açın! Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səs ilə. Xanpəri. Dədəm vay, nənəm vay! Şəhrəbanu xanım qapını açır! Müsyö Jordan (nəfəsi tutula-tutula). Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy? Şəhrəbanu xanım (qorxa-qorxa). İkisi də Şərəfnisənin damında yatırlar, bu gün ilxıya baxmağa getmişdilər, çox yorulmuşdular. Axşamdan yıxılıb yatıblar. Müsyö Jodan (qaim bir səs ilə, təngnəfəs). Xanım, gərək bu saatda onlar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyf sənə, Paris, heyf sənə Tülyeri, heyf sənə, gözəl paytaxt, gözəl səltənət! Fransa bədbəxt oldu! Dimaj, Paris! Mon diyö! Mon diyö! Şəhrəbanu xanım. Həkim sahib, nə var, nə olub? Müsyö Jordan. Paris dağıldı, Tülyeri yıxıldı, Fransa xarab oldu. Dimaj Paris! Dimaj Telyeri! Şəhrəbanu xanım. Allah, sənə şükür, yəni allah dərdini əsirgə! Müsyö Jordan. Gözəl şəhər, gözəl səltənət! Bir türfətüleyndə viran, kəan ləm-yəkün olubdur. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehrdir! Setefre, mon diyö, mon diyö! Şəhrəbanu xanım. Bu necə sehrdir? Məhər sehr ilə Paris yıxılıb? Nə deyirsiniz, həkim sahib? Müsyö Jordan. Əlbəttə, sehridi, mat qalmalı işdir. Bir türfətüleyndə qəflətən Paris xarab olubdur. Bu sözlərdən Şərəfnisə xanım dəxi qaim başlayır titrəməyə. Gözü dərviş gizlənən pərdədə. Xanpəri (xısın-xısın). Dədəm vay, nənəm vay! Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan oyanıb, dəstpaça, köynəkcək müsyö Jordanın səsinə yüyürürlər. Müsyö Jordan (onları görən kimi). Ax, gəldiniz! Hatəmxan ağa, Şahbaz bəy, sizi tarı, tez mənə at hazır edin, gərək bu saatda gedəm, dayana bilmənəm, özünüz də atlanın məni Arazdan keçirdin, qayıdın! Hatəm ağa (heyrətlə). Həkim sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir? Müsyö Jordan (qaim səs ilə). Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi; konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar kedir. Arazın kənarında mənə müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm. Liu Filipp ingilisə qaçıbdır. Mon diyö, mon diyö! Hatəmxan ağa (təhəyyür ilə). Həkim sahib, Parisi kim dağıdıbdır, kim yıxıbdır? Müsyö Jojdan (iztirabla). Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq mümkün deyil! Dimaj Paris! Tülyeri! Mon diyö, stefr! Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. Amma Şərəfnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib, ona sarı üz qoyur. Yavıqlaşıb yavaş gülümsənmiş soruşur. Şahbaz bəy. Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Parisi sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyim? Şərəfnisə xanım (titrəyə-titrəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə). Yox, vallah, quran haqqı, dayım canına mənim heç zaddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur! Şahbaz bəy (gülümsənmiş). Bax, bax, necə and içir! Necə şirin dil ilə yaxasın qıraq çəkir! Dəxi niyə titrəyirsən? Əgər sən tək pərilər padşahı Parisi yıxdırsa da halaldır. Şəhrəbanu xanım (üzünü müsyö Jordana tutub). Həkim sahib, bizim Şahbazı da aparırsınızmı? (Şahbaz bəy adın eşidib geri çevrilir). Müsyö Jordan. Nə söyləyirsiniz, xanım, özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacağam! Hatəmxan ağa, amandır, tez olsun, atlanın, məni ötürün! Gərək səhərdən Araz qırağına çatam. Tülyeri. Mon diyö, mon diyö! Hatəmxan ağa. Şahbaz, gəl gedək, görək necə edirik, bu necə iş idi oldu? Hər ikisi damdan çıxır, dallarınca müsyö Jordan, onlardan sonra yavaş, pərdənin dalısından dərviş Məstəli şah xurcun çiynində çıxır. Başı aşağı, heç məclisdə qalan övrətlərə mütəvəcceh olmayıb qaçır, gözdən itir; sonra: Şəhrəbanu xanım. Xanpəri, gördün, necə iş oldu? Xanpəri. Xanım, mən sənə demədim ki, bu dərvişin əlindən heç zad qurtarmaz? Mən hələ ondan qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. Naxçıvan, Şərur mahallarının yıxılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülən kim, necə ki, dərviş deyirdi. Şəhrəbanu xanım. Bəli, bundan sonra bu təəccüb deyil; təəccüb odur ki, kişilər həmişə bizə deyirlər: caduya, pitiyə inanmayın! Necə inanmamaq olar ki, adam gözü ilə belə işlər görür? Xanpəri. Eh, xanım, kişilərin əgər ağlı var, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik? Şərəfnisə xanım sakit və samit qorxub qurumuş mat qalır. Pərdə salınır. Tamam olur * * * == Komediyalar == Sərgüzəşti-vəziri-xani-Lənkəran thumbnail əni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. ƏFRADI-ƏHLI-MƏCALIS L ə n k ə r a n v i l a y ə t i n i n x a n ı . Mirzə Həbib – onun vəziri. Ziba xanım – vəzirin əvvəlimci hərəmi. Şölə xanım – vəzirin istəkli ikimci hərəmi. Nisə xanım – Şölə xanımın bacısı ki, qızdır, vəzirin evində olur. P ə r i x a n ı m – Şölə xanımın anası ki, o da vəzirin evində olur. Teymur ağa – xanın qardaşı oğlu ki, Nisə xanıma aşiqdir. H a c ı S a l a h – tacir. Ağa Bəşir – vəzirin naziri. Heydər – vəzirin fərraşı. Kərim – vəzirin mehtəri. Xacə Məsud Qara – vəzirin xacəsi. Səlim bəy – xanın eşik ağası. Q ə d i r b ə y S ə l i m b ə y – onun naibi. Səməd bəy – xanın fərraşbaşçısı. Əziz ağa – xanın pişxidmətbaşçısı. Vəzirin bir neçə başqa fərraşları və bir neçə bəylər. Xanın bir neçə başqa fərraşları. Bir neçə ərizəçilər xan imarətində. ƏVVƏLIMCI MƏCLIS Əvvəlimci məclis əlli il bundan əqdəm.1 dəryayi-Xəzərin kənarında, Lənkəran şəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikimci arvadının otağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur. Və z i r . Hacı Salah, eşitdim ki, Rəştə2 gedirsən doğrudurmu? H a c ı S a l a h . Bəli, ağa! Və z i r . Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən. Onun üçün səni çağırtmışam. H a c ı S a l a h . Buyur, ağa, can-baş ilə bitirməyə hazıram! Və z i r . Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeri abi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola; xülasə Bir nimtənə kim, ta ola zərbəftü nikutər, Diba ona möhtac. Mətnində tamam rabitə mövzun sərasər, Tək haşiyə qıyqac, Üstündə onun aşiqü məşuq müsəvvər, Dil şövqünə minhac. Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər, Nəzzarəsi bəhhac. Tiri-nəzəri əhli-təmaşaya müqərrər, Hər butəsi amac. Içində onun şölə verə tələti-dilbər, Tabəndeyi-vəhhac. Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər, Ya bəhri-pürəmvac. Kəbə evinin örtüyünə tuta bərabər, Simasını hüccac3. Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasından kiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasına düzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlli qızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın da qayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan? H a c ı S a l a h . Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqd pul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsü məlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, gen oldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam. Və z i r . Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düz gəlməsə, düzəldərik. H a c ı S a l a h . Ağa, olmazmı parçasın və düyməsin gətirdim, burada hər kəs ki geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz? Və z i r . Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, öz mərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıb sənə danışam? A, kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm, nə qalmağala düşəcəyəm? H a c ı S a l a h . Xeyr, ağa, mən nə bilirəm? Və z i r . Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm və illa gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-belə qulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləb budur ki, Novruz bayramına iki ay qalıbdır. Mən istəyirəm ki, bayramda bir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burda tikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafə xərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldan xilas olmayacağam! H a c ı S a l a h . Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsini istəməzmi? Və z i r . Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var? Sənə hər nə buyururam, elə eylə! H a c ı S a l a h . Baş üstə, ağa! Və z i r . Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanım məni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vay sənin halına! H a c ı S a l a h . Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrini xalqa yayam? Və z i r . Di get, mürəxxəssən! Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez Ziba xanım otağın o birisi qapısını bərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub, səksənib geri baxır. Z i b a x a n ı m . Istəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan; barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onu Şölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan? Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyuğ çöldən əppək batırır, elə oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi? Və z i r . Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəli olubsan? Ziba xanım. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək Hacı Salah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu; xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarək eyləsin, arvadına yaxası qızıl düyməli nimtənə… Teymur ağanın gözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onun qabağında süzsün. Və z i r . Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumu batırırsan? Ziba xanım. Sənin namusunu mən batırsaydım, mən də bir oğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecəgündüz Teymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə gözilə görübdür. Vəzir (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşına inanmanam! Ziba xanım. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran bu işi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. Və z i r . Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu? Z i b a x a n ı m . Sən özün tanıdıbsan, özün göstəribsən! Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm? Ziba xanım. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidin ki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağında bəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə və qaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıb oturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa, iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb. Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axır kim bilsin nə hiylə edib onu ələ salıbdır ki, bir gün görməsə, aramı yoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qız almaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır! Və z i r . Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam. Ziba xanım çıxıb gedir. Vəzir (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola, amma çox ehtimalı var ki, Teymur ağanın gücü ona xoş gəlib, cahıl qız uşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Bu arvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır. Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan güclü deyil, o basdığı uşaqlar tamam colma-çocuq idilər, bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durum gedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm. (Ayağa durur, istir getsin, Ziba xanım girir içəri). Z i b a x a n ı m . Bu gün nahara, şama nə buyurursan, hazır etdirim? Və z i r . Zəhrimar, zəqqum! Sən mənə belə xörək yediribsən ki, bir ay da yeməsəm acımanam. (Istir gedə, otağın ortasında bir xəlbir düşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağının bir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edib dizin tutur, əylənir, qaşqabağı tökülmüş, üzün arvadına tutub çığıraçığıra). Bu xəlbir burda nə qayırır? Ziba xanım (təəccüblə). Mənim heç xəbərim yoxdur! Və z i r . Fərraş! Heydər fərraş dəhlizdən otağa daxil olub, əl-əli üstə baş əyir. Ziba xanım üzün örtüb, çəkilir otağın bir tərəfinə. Vəzir (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır? F ə r r a ş . Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kərim əlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiri burda qoyub gedibdir. Və z i r . Bu saatda mehtəri buraya çağır. Fərraş gedir. Və z i r . Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımda nə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxt ki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam. Ziba xanım. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanım yoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımın otağına. Fərraş və mehtər daxil olurlar. Vəzir (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var? Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan? Mehtər. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki, cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim. Və z i r . Bəs bu xəlbiri bura niyə salıb gedirsən? Mehtər. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim. Yadımdan çıxıb burda qalıbdır. Və z i r . Sonra niyə gəlib aparmadın? Mehtər. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiri axtarırdım. Vəzir (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, bu saatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünlə gətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər. Fərraş gedir. Mehtər (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başına çevir məni! Vəzir (qeyzlə). Kəs səsini, it oğlu it! M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm, atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm, dəxi heç vaxt buraya ayaq basmanam! Və z i r . Səsin kəs, eşşək toxumu, eşşək! Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqə və başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər. Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə! Fərraşlar naziri yıxırlar, ayağın fələqqəyə salırlar, ikisi fələqqəni tutur, ikisi çubuq götürür. V ə z i r . Vurun! Fərraşlar vururlar. N a z i r . Ağa, başına dönüm, mənim təqsirim nədir? Vəzir (qeyz ilə əlin xəlbirə sarı uzadır). Bu xəlbir mənim otağımda nə qayırır? N a z i r . Necə xəlbir, ağa? Və z i r . Çubuq dəyəndə bilərsən necə xəlbir! Fərraşlar vururlar. N a z i r . Ay haray, ay dad! A başına dönüm, axır mənim təqsirim nədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür! Vəzir (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki, bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıda qulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini, işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın; xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtər Kərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyub gedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdən bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən! N a z i r . Ağa, sənin başını və ağlını Allah böyük yaradıbdır; mən necə sənə tay ola bilərəm? Vəzir (fərraşlara). Vurun! N a z i r . Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. Vəzir (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım, əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə, özünü ölmüş bil! Nazir (durub ayağa). Bəli, ağa, xatircəm ol. Və z i r . Di get! M e h t ə r (yavaş). Allah, sənə şükür! Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra da vəzir çıxır. Pərdə salınır IKIMCI MƏCLIS Ikimci məclis Şölə xanımın otağında vaqe olur. Teymur ağa və Nisə xanım qabaq-qabağa ayaq üstə danışırlar. Teymur ağa. De görüm, bu işin çarəsi nədir? Bu nə xəyaldır ki, vəzir düşübdür? Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bilə? Axır bu qərabətdən onun mənzuru nədir? Nisə xanım. Mənzuru nədir? Məgər özün bilmirsən? Əlbəttə, mənzuru ixtiyar axtarmaq və izzətdə olmaqdır! Teymur ağa. Məgər xan ona verdiyi ixtiyar və izzət bəs deyil? Nisə xanım. Bəs olsa da, amma bietibardır: istir ki, qərabət səbəbi ilə bu ixtiyar və izzət payidar olsun. Teymur ağa. Qəribə axmaqdır. Məgər xan öz yaxın əqrəbalarına etdiyi işləri gözü ilə görmür? Bəhər surət işə çarə tapmaq gərəkdir. Sən əbəs yerə bu vaxtadək məni qoymadın ki, onu xəbərdar edim; indi mən istirəm ki, sabah onun yanına adam göndərib məlum edəm ki, bu niyyətdən düşsün, yoxsa xeyir götürməz. Nisə xanım. Amandır, Teymur ağa! Bu fikirdən düş ki, bu işi hərgiz vəzirə bildirmək olmaz; ondan ötrü ki, o həmişə deyir: xan səni öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrər məşvərət edibdir; əgər vəzir bizim məhəbbətimizi anlasa, öz xeyri və səlahı üçün haman saat gedib xana bildirəcəkdir ki, sən, guya onun namizədinə göz dikirsən, xüsusən ki, vəzir səndən çox incikdir! Teymur ağa. Xan mənim atamdan qalan ölkəni və xanlığı zəbt etdiyini yetişməz, indi məni öldürmək fikrinə də düşür? Onun xam xəyalıdır! N i s ə x a n ı m . Əlbəttə, çünki ehtiyat edir ki, sən atan məmləkəti ondan iddia edəsən, səni özünə müxill görür. Mən eşitmişəm ki, ancaq el üzünə sənə hörmət edir; əgər fürsət tapsa, bir gün səni sağ qoymayacaqdır. Teymur ağa. Heç vaxtda onun kimi xanlar məni öldürə bilməz! Bəylər və xalqın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. Mən o quşlardan deyiləm ki, ətim yeyilə. Xub, mən vəzirə nə eyləmişəm ki, məndən incik olubdur? Nisə xanım. Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. Vəzir belə bilir ki, əgər sənin əlinə bir ixtiyar düşsə, Mirzə Səlim bişək qabağa çıxacaq, atasın yerin tutacaq, indi bu fikirdədir ki, xana desin, onu bu vilayətdən qovdursun. Teymur ağa. Onun ağzı deyil, mənim mirzəmi qovdura! Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bir tövr bədniyyət olubdur! Inşallah taala onun tədbirlərinin hamısını pozub öz mətləbimə çataram. Amma doğru deyirsən; hələ gərək vəzir bizim məhəbbətimizi anlamaya. Şölə xanım hardadır? Mənim ona bir para deyəsi sözüm var. Nisə xanım. Anamın otağındadır. Teymur ağa. Olmazmı gedib onu buraya çağırasan? Nisə xanım. Anam evdə yoxdur, ikimiz də gedək ora. Teymur ağa. Yaxşı. Hər ikisi çıxıb gedirlər, sonra Ziba xanım otağa daxil olur. Z i b a x a n ı m . Ay ləçər, axır işi o yerə yetiribsən ki, mənim qaravaşımı söyüb mənim üstümə göndəribsən? Vəzir səni belə qudurdubdur? (Görür ki, otaqda heç kim yoxdur. O yana-bu yana baxıb söyləyir). Ax, hardadır bu dilaram çəngi? Evi yıxılsın Mirzə Həbib vəzirin ki, bizim axırımızı bu günə çıxartdı. (Istir geri dönsün, kişi sədası eşidir, səksənir, əylənir). Vay, yad kişinin səsi gəlir! Vay, indicə qapıdan girəcəkdir, qapıdan çıxa bilmənəm, necə edim? (O yana-bu yana vurxunub girir pərdə dalısında gizlənir, sonra Teymur ağa ilə Şölə xanım içəri girir). Teymur ağa. Anan nə tez hamamdan qayıtdı, qoymadı ki, otaqda danışaq, burda münasib deyil idi, çünki mənim danışası sözüm çoxdur, olur ki, vəzir bura gəlsin. Ş ö l ə x a n ı m . Xatircəm ol, bu gün vəzir bura gələ bilməz. Teymur ağa. Necə gələ bilməz? Ş ö l ə x a n ı m . Ondan ötrü ki, bu gün növbəti Ziba xanımın otağındadır. Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. Teymur ağa. Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə xatircəm olmaq olamaz; genə gərək ehtiyatı əldən qoymamaq, bəlkə bir ittifaq ilə bura gəlmək istədi. Ş ö l ə xanım. Fikir eləmə, Nisə xanıma tapşırmışam ki, dəhlizdən dişqarı bir yerdə oturub gözətləsin; Əgər vəzir görünsə, tez bizi xəbərdar etsin. Yoxsa qorxursan? Teymur ağa. Mən qorxan adam deyiləm, bir para səbəblərə görə mən istəmirəm ki, vəzir məni burda görə, gedib xana xəbər verə. Bir neçə fikrim var; gərəkdir əvvəl onları itmamə yetirəm. Ş ö l ə xanım. Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular. Bu halda Nisə xanım başın içəri uzadıb. N i s ə xanım. Ay Aman, vəzir gəlir! Şölə xanım iztirab halətində qapıdan dışqarı baxır. Ş ö l ə x a n ı m . Ay aman, vəzir düzbədüz qapıya sarı gəlir. Teymur ağa, sən qapıdan çıxa bilməzsən! Teymur ağa. Bəs mən necə gərək edim! Olur ki, mənim burda olmağımı bir adam ona xəbər veribdir. Vallah, hər kəs mənim bura gəlməyimi açmış ola, bu xəncəri dəstəsinədək ürəyindən çıxacağam (Əlini xəncərinə uzadır). Ş ö l ə x a n ı m . A kişi, söyləmək vaxtı deyil, hələ gir bu pərdənin dalısına, görüm bir tövr ilə vəziri geri qaytara billəmmi? Teymur ağa girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağa daxil olur. Və z i r . Şölə xanım, nə işdəsən, kefin yaxşıdırmı? Şölə xanım. Allaha şükür, sənin dövlətindən kefim həmişə yaxşıdır, sənin kefin yaxşı olsun. Niyə qaşını əyibsən, nə əcəb axsıyırsan? Və z i r . A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. Ovqatım lap təlx olubdur. Xacə Məsud, get mənə bir qəhvə bişir gətir. Xacə Məsud baş vurub gedir. Ş ö l ə xanım. De görüm, başına nə qəziyyə gəlibdir? Amma olur ki, söyləməyi uzun çəkə, nə lazım zəhmət vermək! Və z i r . Xeyr, uzun çəkməz. Iş budur ki, mən bir neçə bəylər ilə xanın hüzurunda oturmuşduq. Teymur ağanın güclülüyündən söz düşdü. Hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclü bir kimsənə tapılmaz; xan da təsdiq elədi. Mən inkar etdim ki, Teymur ağada heç güc yoxdur; əgərçi oruc bayramında bir neçə uşaq basdı; amma olar tamam çolma-çocuq idilər. Teymur ağa da hüzurda durmuşdu. Xan mənim sözümü qəbul etməyib dedi: "Sən nə dəlillə bunu isbat edirsən?". Mən cavab verdim ki, əgər mənə yaraşaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. Xan ki, həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa ilə güləşəsən. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib Teymur ağanı çəkdim pişləngə, dəxi bilmirəm necə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş bağladı, ancaq yarım saatdan sonra özünə gəldi; zordan mənim də onbam bərk ağrıyıb, indi axsayıram. Şölə xanım (təbəssüm ilə). A kişi, bu nə işdir sən edibsən? Bəlkə kişinin oğlu öləydi, anasının günü qara olaydı? Və z i r . Bəs özüm də çox peşman oldum, amma çifayda, belə ittifaq düşdü. Ş ö l ə x a n ı m . A kişi, bəs biçarə elə yerdə qaldı? Sən çıxdın gəldin mənə hünərini söyləməyə? Və z i r . Xeyr, fərraşlar onu dala götürüb apardılar anasının yanına. Bu halda Teymur ağa pərdənin dalısında gülməyin saxzlaya bilməiyb pıqqıldayır. Vəzir tez yeriyib pərdəni qaldırır. Teymur ağanı və Ziba xanımı pərdənin dalısında görüb mat qalır və habelə Şölə xanım. Və z i r . Sübhanallah, bu nə işdir? (Sonra üzün Teymur ağaya tutub acıqlı, qaim sövt ilə). Ağa, sən burda nə qayrırsan? (Teymur ağa başın aşağı salır). De görüm, axır sən burda nə qayrırsan? (Teymur ağa cavab vermir, pərdədən çıxıb başı aşağı istir getsin. Vəzir onun qolundan tutub). Qoymanam gedəsən, ağa, de görüm, sən burda nə qayrırsan? Teymur ağa (qolun çəkir). Əldən qoy! Vəzir (ona bərk-bərk suvanıb). Qoymanam gedəsən, mənə cavab ver! Teymur ağa təncə gəlib, bir əlilə yapışır onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. Vəzir otağın ortasında palaz kimi sərilir. Teymur ağa tez qapıdan çıxıb gedir. Vəzir (bir dəqiqədən sonra hala gəlib, üzün tuturu Ziba xanıma). Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən? Ziba xanım. Mən sənin başına məkr gətirirəm? Vay sənin halına! Vay sənin halına ki, qəflət gözünü ortübdür! Və z i r . Kəs səsini, ay ləçər! Məni dilə basdırma, dəxi səni tanıdım; bu qədər fitnə və fel tamam sənin işin imiş, Allah qoysa sənin axırına çıxaram! Z i b a x a n ı m . Ay biçarə, bir de görüm nə səbəbə mənim axırıma çıxacaqsan? Və z i r . Səlitə, dəxi bundan artıq səbəb olar ki, yad adam ilə pərdə dalısına girib gizlənibsən?! Z i b a xanım. Ay biçarə, bir arvadın Şölə xanımdan soruşsana ki, yad adam onun otağında nə qayırır? Və z i r . Ay ləçər, hələ sən bir özün mənə cavab ver ki, sən naməhrəm ilə bir pərdənin dalısında nə qayırırsan? Ziba xanım. Yaxşı, mən deyim. Arvadın Şölə xanım mənim qaravaşıma söymüşdü, mən gəlmişdim onun ilə dalaşam ki, niyə həddindən çıxır; ittifaqən onu otaqda görmədim. Istəyirdim geri qayıdam, gördüm ki, qapı tərəfdən bir yad adam Şölə xanım ilə danışa-danışa gəlir. Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayracaqlar ki, sonra səni xəbərdar edim. Xüsusən ki, üzüaçıq yad adama görükə bilməzdim. Ittifaqən sən bura gələndə o adam da girdi pərdənin dalısına gizləndi. Və z i r . Niyə çıxıb o saat məni xəbərdar etmədin, əgər doğru deyirsən? Z i b a x a n ı m . Necə çıxıb xəbərdar edəydim ki, xəncəri dəstəsinədək ürəyimə çaxacaq idi?! Vəzir (bir az təəmmül edib, üzün Şölə xanıma tutub). Şölə, doğrusunu de: bu adam sənin yanına gəlmişdi? Şölə xanım. Sənin arvadın tutuquşu cinsidir; dil-dil ötmək, yalan danışmaq peşəsidir. O adamı mən ömrümdə görməmişəm və heç tanımanam. Və z i r . Necə tanımazsan? Teymur ağanı sən tanımırsan? Ş ö l ə x a n ı m . Teymur ağa burda nə qayrır? Məgər sən Teymur ağanı yıxıb anasının üstünə göndərməmisən? Və z i r . Ay ləçər, sən mənim sözümə cavab ver, Teymur ağa səninmi yanına gəlmişdi? Şölə xanım. Temur ağa mənim yanıma gəlsəydi, onu mənim ilə bir yerdə görərdin, Ziba xanım bilirdi ki, mən bu gün hamama getdim; belə xəyal edib ki, mənim otağım xalidir, öz sevgilisini bura çağırıb istirmiş eyş-işrətə məşğul olsun; çünki bu gün sənin növbətin onun yanında olmaq səbəbilə sevgilisini öz otağına gətirə bilməzdi. Ittifaqən hamam suyu kəsilmək səbəbilə biz qəflətən geri qayıtdıq. Ona binaən qaça bilməyib, hər ikisi giriblər bu pərdənin dalısına ki, bəlkə mən çölə-bayıra çıxan zamanda fürsət tapıb qaçsınlar. Doğru söz budur, əqlini başına yığ, bu bihəyanın məkrinə uyub, mənim haqqımda nahaq bədgüman olma! Ziba xanım (Şölə xanıma çığıra-çığıra). Ay ləktə, bu necə sözdür ki, özündən qayrırsan? Öz işini mənim üstümə qoyursan? Vay, vay, mən özümü öldürrəm!.. Şölə xanım. Ləktəsən də, ləçərsən də, kovulsan da! Istər özünü öldür, istər qoy, sənin məkrü felin tamam Lənkəran xalqına məlumdur. Çığırmaq ilə özünü təmizə çıxara bilməzsən! Ərin gözü var, görür ki, bu iş sənin işindir, ya mənim işimdir? Z i b a x a n ı m . Ay Aman, mən özümü öldürrəm! A kişi, bu ləçərin ağzına niyə vurmursan ki, mənə belə böhtan deyir?.. Ş ö l ə x a n ı m . A ləktə, o mənim ağzıma niyə vurur? Əgər o kişidir, gərək səni tikə-tikə doğraya ki, yad oğlan ilə bir yerdə tutubdur. Vəzir (Ziba xanıma). Əlbəttə, səni gərək tikə-tikə doğramaq! Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşən axırına çıxım, sonra sənin haqqında fikir çəkərəm. Sən ömrünü yalançılığa sərf edibsən! Ziba xanım (acıqlı). Mən yalançıyam? Doğru danışan sənsən? Necə ki, söylədiyin nağıldan məlum oldu… Və z i r . Itil gözümün önündən, ləçər! (Ziba xanım otaqdan çıxır). Şölə doğru de, bu işdən xəbərin varmı? Ş ö l ə x a n ı m . Mən hərgiz bu xüsusda təqsirli deyiləm! Bu halda xacə Məsud əlində qəhvə fincanı daxil olub vəzirin dal tərəfindən ərz edir. Xacə. Ağa, qəhvə buyurursunuzmu? Vəzir (geri dönüb, əlilə qəhvə fincanına vurub xacə Məsudun üstünə dağıdır). Itil cəhənnəmə, məlun! Bu hövsələmin dar vaxtında nə qəhvə içmək yeridir! Mən bu saat xan qulluğuna gedirəm. Xacə Məsud geri dönüb dağılan qəhvəni üstündən silə-silə. Vəzir (kəsrəti-pərişanlıqdan). Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? Xacə Məsud. Eşitdim, ağa, necə ki, buyurursan əmələ gələr. Ondan sonra vəzir də çölə çıxır. Ş ö l ə x a n ı m . Allahu əkbər, əcəb işə rast gəldim! Canım qurtuldu, Allah, sənə şükür! (Nisə xanım içəri girir) Nisə, qəribə iş ittifaq düşdü; vəzir Ziba xanımı Teymur ağa ilə pərdə dalısında gördü. N i s ə xanım. Nə danışırsan? Ziba xanım pərdənin dalısında nə qayırırdı? Ş ö l ə x a n ı m . Bilmirəm, evi yıxılmışın qızı haçan gəlib ora girmişdi ki, mənim canım qurtuldu. Amma xan bişək və şübhə Teymur ağanı öldürəcək! Onu qurtarmağa bilmirəm nə çarə edək? Nisə xanım. Qorxma, xan Teymuru öldürə bilməz! Amma gərək idi bu iş olmayaydı; indi mətləb uzanacaqdır. Anam çağırır, gedək onun otağına və xacə Məsudu da göndərək xanlığa, bir xəbər bilsin. Hər ikisi gedirlər. Pərdə salınır ÜÇÜMCÜ MƏCLIS Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur. Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur Səlim bəy eşik ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər, qapının ağzında fərraşbaşı Səməd bəy və pişxidmətbaşı Əziz ağa və bir-iki cavan pişxidmət qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında oturublar. Xa n . Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki, dərya kənarında lötgə hazır etsinlər! Əz i z a ğ a . Baş üstə. Çölə çıxır. Xa n . Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər. E ş i k a ğ a s ı (talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir. Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar. Ə r i z ə ç i l ə r d ə n b i r i s i . Xan, başına dönüm, ərzim var! Xa n . Kişi, de görüm, ərzin nədir? Ə v v ə l i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan gəlirdi; çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü. Indi at məsrəfdən çıxıbdır; diyəsini istirəm, vermir; mənim ilə cəngü cədəl edir. Xan (ikinci ərizəçiyə). A kişi, belədir? I k i m c i ə r i z ə ç i . Başına dönüm, belədir, amma mən qəsdən daş atmamışam. Xa n . Pərpuc danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar. Sənin də atın varmı? I k i m c i ə r i z ə ç i . Vardır başına dönüm. Xan (əvvəlinci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir gözün çıxart! "Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cürufə qisas".4 Bu şübhəli iş deyil, Səməd bəy, fərraşlardan birini qoş getsin, buları haqlaşdırsın! Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır. Xa n . Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər; tez olun, bu gün seyrə çıxacağam! S ə l i m b ə y . Qədir bəy, o birilərini irəli gətir! Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir. Xa n . Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm, dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan ərizəçiləri rədd etməmişəm! Səlim bəy. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə bu qədər xalq sizə əyal hesab olunur. Bu, Lənkəran vilayətinin abadlığı sizin ədalətinizin bərəkətindədir. Ərizəçilər baş əyir. Əvvəlimci ə r i z ə ç i . Xan, başına dönüm, mənim qardaşım naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna verib qardaşımın üstünə gətirdim. Bu ümid ki, qardaşımı sağaldacaqdır. Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşım canın tapşırdı. Indi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm! Xan (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi pis olacaqdı? I k i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra bişək və şübhə öləcək idi; qan almaqla bu kişinin altı ay ona bica xərc və zəhmət çəkməkdən xilas etmişəm. Xa n . Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə sənə artıq zad bağışlasın? I k i m c i ə r i z ə ç i . Bəli, başına dönüm, belədir, əgər insaf eləsə! Xan (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim! B ə y l ə r d ə n b i r i s i . Başına dönüm, həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin, onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox haziq həkimdir. Xa n . Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə. Səməd bəy aşağı enir. Bu halda vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanın aparır qoyur xanın qabağına. Və z i r . Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim. Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti hər kəsə ki, layiq görürsən, ona ver; Mən başımı götürüb bu vilayətdən dərbədər olacağam! Xan (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nə halətdir? Və z i r . Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətin dillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma sənin qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın. Xan (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edə bilərmi? Və z i r . Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm! Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdən dartınıb çıxıb getdi. Xa n . Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma bu xüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aram tut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar! Və z i r . Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən5 öz övladlarına xalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. Sultan Mahmud Qəznəvi6 bu günə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfi aləmdə məzkurdur. Xa n . Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. Bu halda Səməd bəy Teymur ağa ilə içəri girir, hər ikisi baş əyirlər. Xan (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncər ilə mənim hüzuruma daxil olma?! Teymur ağa. Mən xəncər qurşamamışam! Xa n . Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işin nə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, sənin kimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnam olam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saat bir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna, sürüyün aşağı! Fərraşlar şalı salmağa hazırlanırlar, tamam bəylərin gözü dolur yaş ilə. E ş i k a ğ a s ı v ə t a m a m b ə y l ə r . Xan, qurbanın olaq, cavandır, bu səfər bağışlayın bunun təqsirini! Xa n . Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib). Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdan özlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağa düşürlər, yalvarırlar). B ə y l ə r . Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər). Xa n . Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm, köpək uşağı! Fərraşlar əllərində şal, yavıqlaşdıqca Teymur ağa cəld əlin uzadıb dalısında sancılmış tapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər; Teymur ağa aralıqdan çıxıb gedir. Xan (dalısınca). Ay tutun, ay qoymuyun getsin! Hamı hərəkət edir, amma dalısınca düşən olmur. Xan (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənim mərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?! (Heç kəs cavab vermir). Səməd bəy! Səməd bəy qabağa yeriyir. Xa n . Bu saatda əlli nəfər cəzairçi7 özünlə götür, Teymuru hər yerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm, ölkə dincəlməz! S ə l i m b ə y . Baş üstə. (Qapıdan çıxır). Xan (bəylərə). Dağılın! Bəylər dağılırlar. Xa n . Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı? Əz i z a ğ a . Hazırdır! Xan (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, sənin qisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsus onun üçün zərgərdən gətirtmişdim. Və onu köçürmək tədarükünə məşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın! Və z i r . Bəli, fərmanınıza əməl edəcəyəm. Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə çıxır. Pərdə salınır DÖRDÜMCÜ MƏCLIS Dördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqda oturublar. Nisə xanım. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki, bir xəbər gətirə; ürəyim çox iztirabdadır. Şölə xanım. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymur ağaya bir zad edə bilməyəcəkdir. Nisə xanım. Doğrudur ki, bir zad edə bilməz amma qorxuram ki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir. Bu halda xacə Məsud girir. Ş ö l ə x a n ı m . Xacə Məsud, söylə görək nə oldu! Xacə Məsud. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymur ağanı gətirib istirdi boğdursun. Teymur ağa tapança çəkib fərraşları dağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdə tapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. Indi tamam şəhəri və evləri ondan ötrü axtarırlar. Nisə xanım qüssədən ah çəkir; bu halda qapı açılır. Teymur ağa içəri girir. Şölə xanım. Vay, dədəm vay, sən bura necə gələ bildin? Məgər Aslan ürəyi yemisən? Məgər canından qoxmursan? Teymur ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam? Şölə xanım. Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün. Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə! Gələn olmasın! Xacə Məsud çıxır çölə. Teymur ağa. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam onun uğrunda! Amma mən işsiz də gəlməmişəm. Istirəm, bu gecə Nisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaq olmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur; mən dəxi öz nişanlımı onun əlində qoyub, ondan sonra bura gəlibgedə bilmənəm? Ş ö l ə x a n ı m . Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüz bura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdən pusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin. Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısında at və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımı çıxarıb sənin əlinə tapşırram, apararsan. Teymur ağa. Nisə xanım, razısanmı? N i s ə xanım. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb. Bu halda Xacə Məsud qapıdan çığırır. Xacə Məsud. Ay aman, vəzir gəlir! Şölə xanım və Nisə xanım (rəngləri təğyir tapmış). Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən, görək bu zalımı qaytara billikmi? Teymur ağa (heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mən hərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy gəlsin məni burda görsün! Şölə xanım və Nisə xanım (onun ayağına düşüb dizlərindən qucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama! Baban goru xatiri üçün gizlən pərdənin dalısında! Teymur ağa. Heç vaxt! Xacə Məsud (genə başın içəri uzadıb). Ay Aman, vəzir yetişdi! Ş ö l ə xanım və N i s ə xanım. Ay başına dönüm, bizə rəhm elə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişək ölümə gedərik! Teymur ağa. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına, bir saniyə keçmiş vəzir içəri daxil olur). Və z i r . Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki, siz ilə danışıq edim. Qulaq asın. Şö lə xanım, heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adını itirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlər ilə həmişə aşnalığı var. Şölə xanım (arami-qəlb ilə). Buyur, görək, mən hansı naməhrəmlərlə aşnalıq edirəm? Və z i r . Məsələn, Teymur ağa ki, sənin otağında gördüm. Ş ö l ə x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında? Vəzir. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm; olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü deyirəm ki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman söz deyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisə xanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur). Nisə xanım. Bir qız ki, onun bacısının haqqında bədgüman olalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onun barmağına tax! (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır). Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgüman oluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım. Şölə xanım. Olmazmı bu nəsihətləri arvadın Ziba xanıma verəsən? Və z i r . Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm. Ş ö l ə x a n ı m . Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən? Vəzir. Dəxi saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymur ağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi, ya tapılıb ölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundan sonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçmək tədarükünə gərək məşğul olmaq. Şölə xanım. Get anamın otağına, bu sözləri ona danış; bu mənim işim deyil. Və z i r . Get ananı bura çağır, burda danışaq. Bu halda qapı açılır, Pəri xanım və Nisə xanım içəri girirlər. Və z i r . Əcəb oldu gəldin. Buyur otur! P ə r i x a n ı m . A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdən çıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlun var ki, səni görmək olmur. Və z i r . Bəli, ələlxüsus bu günlərdə heç bir macalım yox idi. De görüm, ana, mətləbin nədir? P ə r i x a n ı m . A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçı Qurbana dua yazdırmağa ki, Allah sən qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç ağırı buğda səməni qoyub füqəraya paylayasan. Indi gərək sənin başının üç ağırını tutam, səməni vaxtı keçir. Və z i r . Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırını tutacaqsan, madam ki, başım bədənimdədir. P ə r i x a n ı m . A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir. Bir dərin qab qoyarıq başına, əgər başın tamam ola sığsa, onun dolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir! Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanı gətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır. Və z i r . Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necə ki, deyiblər əməl elə, taki Allah Şölə xanımın arzusun bitirsin. P ə r i x a n ı m . Bəli, qadan alım. Nisə xanım, badyanı qoy başına! Nisə xanım badyanı geydirir. Badya vəzirin qaşına qədər girib aşağı getmir. Nisə xanım zor edir. Və z i r . Ay aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (Iki əlli badyanı qaldırır). P ə r i x a n ı m (tez). A qız, o böyük badyanı gətir. Nisə xanım yüyürüb tez böyük badyanı gətirir. Və z i r . Ay ana, Allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala? Indi səninlə vacibi danışası mətləbim var. P ə r i x a n ı m . Olmaz, vaxtı keçər, a qadan alım! Incimə, bir dəqiqəlik işdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs bu axır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyim ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur). A qız, qoy badyanı, əvvəldən gərək bunu gətirəydin. Nisə xanım badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şölə xanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Temur ağanı çıxarıb qapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır. Və z i r . Ana, indi otur səninlə söz danışacağam. P ə r i x a n ı m . Baş üstə, oğul! Istir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmiş Teymur ağa əlində tapança otağa daxıl olur. Vəzir onu görən kimi başlayır titrəməyə. Teymur ağa. Mənim atamın yaxşılıqları sənə haram olsun! Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səni öldürməmiş özüm ölmənəm. Tapançanı qalxızır vəzir tərəfinə. Şölə xanım düşür onun ayağına, yalvarır. Ş ö l ə x a n ı m . Amandır, Teymur ağa, təəmmül et, əl saxla! Teymur ağa əl saxlayır. Bu halda Səməd bəy bir neçə cəzairçi ilə otağa daxil olur, qapı ağzında durur. Teymur ağa. Səməd bəy, qərəzin nədir? Səməd bəy. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiz nədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanın buyruğudur, gərək səni onun yanına aparaq. Teymur ağa. Məni diri onun yanına apara bilməzsiniz! Məgər mənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah, əgər hünəriniz var, ayaq irəli qoyun. (Tapançanı yuxarı qalxızır). Səməd bəy. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənim ilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlər nə lazımdır? Inanın ki, xan əhd edibdir sizə bir zad etməsin. Teymur ağa. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. O hansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim. Bu halda həyətdə dübarə qalmağal qopur. Səlim bəy eşik ağası, Teymur ağanın süd qardaşı Riza ilə içəri girir. Səlim bəy. Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun! Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib, lötgə çevrilib, xan dəryaya qərq olubdur. Indi xalq xanlıq imarətinin ətrafına cəm olub özlərinə xan istirlər. Təşrif gətirin! Teymur ağa. Riza belədirmi? Riza. Bəli başına dönüm, belədir. Buyurun gedək (Bu halda vəzir və Səməd bəy yeriyib torpağa düşürlər. yalvarırlar). Ağa, bizi başına çevir! Teymur ağa. Səməd bəy, sən dur geri çəkil. (Səməd bəy durub geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki mənim sənin evinə gəlməyim ondan ötrü idi ki mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib Allahın əmrilə onu almağa talib idim. Amma çüki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub kamali asayişdə güzəran edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki bir həftədən sonra gərəkdir ki, toy başlansın. Anam Pəri xanım, bacım Şölə xanim, xudahafiz! Pəri xanım və Şölə xanım. Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən! Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır. Cəzairçilər (qışqırır). Teymur xan sağ olsun! Pərdə salınır. Tamam olur. * * * == Sərgüzəşti mərdi-xəsis == Sərgüzəşti mərdi-xəsis Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir. ƏFRADİ-ƏHLİ-MƏCALİS -H e y d ə r b əy. -Ə s g ə r b ə y. -S ə f ə r b ə y. -S o n a x a n ı m - -Heydər bəyin adaxlısı. -T e y y i b ə x a n ı m - Sona xanımın anası. -H a c ı Q a r a - sövdəgər. -T ü k ə z - onun arvadı. -B ə d ə l - onun oğlu. -K ə r ə m ə l i - onun nökəri. -X u d a v e r d i - müəzzin. -O h a n - qaravulların yüzbaşısı. -S ə r k i s, Q ə h r ə m a n, K a r a p e t və başqa altı qaravul. -M k r t ı ç və A r a k e l - Tuğ əkinçiləri. -M u r o v. -N a ç a l n i k. -X ə l i l - yuzbaşı, murov yanında. -Murovun və naçalnikin əmələsi. -Y a s a v u l. Məclislər * * * Əvvəlinci məclis Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə. Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır. H e y d ə r b ə y. Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi dustaq alaçığın içində oturasan. Dövlət dəxi hardan olsun, pul hardan olsun? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var. Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı Qızılbaş və Osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri Osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, naçalnik çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq eləmə, yol kəsmə, oğurluğa getmə! Peşiman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaşqabaqlı üzün çevirib atın sürdü. S ə f ə r b ə y. Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı! Ha, odur gəlir! Bu halda Əsgər bəy yetişir. Ə s g ə r b ə y. Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin və fikirli görükürsən? H e y d ə r b ə y. A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki, Heydər bəy, quldurluq, oğurluq eləmə! S ə f ə r b ə y. Yəni acından öl! H e y d ə r b ə y. Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda - dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəksə, ölkə farağat olur. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə: gərək genə təzədən qaçaq olam. Ə s g ə r b ə y. Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm götürüb qaçmağına səbəb nədir? H e y d ə r b ə y. Səbəb odur ki, pul tapmıram xərcin çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xərci aralıqda itsin. Amma bu iş mənə ölümdən bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən. S ə f ə r b ə y. Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək qaçıraq, gətirək! İndi özün bil! Ə s g ə r b ə y. Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir! H e y d ə r b ə y. Toy xərcini hardan hazır edəcəksən? Ə s g ə r b ə y . On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən! H e y d ə r b ə y. Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk? Ə s g ə r b ə y . Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq. H e y d ə r b ə y. Əcəb danışırsan! Mən pulu hardan alım? Ə s g ə r b ə y . Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürrük, gedərik, mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar. H e y d ə r b ə y. Hacı Qara, deyirlər, çox xəsisdir. O, adama pul verər? Ə s g ə r b ə y . Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər. H e y d ə r b ə y. Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm, bu gecə məni gözlüyür. Ə s g ə r b ə y və S ə f ə r b ə y. Çox əcəb, çox gözəl! H e y d ə r b ə y. Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına. Ə s g ə r b ə y v ə S ə f ə r b ə y. Salamat ol, gedirik. Amma sübh tezdən gəl (Gedirlər). Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun daldasında Sona xanım qəşəng səfər paltarını geymiş, ipək çadirşəbi başında, o yan-bu yana baxır, qalxır oturur. S o n a x a n ı m. Allah, görəsən genə nə oldu, gəlmədi? Gecə yarıdan ötübdür, hələ indiyədək görünməyir. Dan yeri ağarıb, sabah indicə açılar, bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam! (Qalxır ayağa,o yana-bu yana baxır). Xeyr, gəlmədi! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturur yerə, sonra). Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalından qulaq asıb eşidəydi ki, mən deyirəm, gedirəm özgəsinə, görəsən inanardımı? Əlbəttə, inanmayacaqdır, çünki bilir yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir. Bu halda kolun dalısından H e yd ə r b ə y atlı üzə çıxır, atdan enir . H e y d ə r b ə y. Sona xanım! Sona xanım! S o n a x a n ı m. Heydər, sənsən? H e y d ə r bəy.Mənəm! S o n a x a n ı m. Yalqızsan? Bəs hanı yoldaşların? H e y d ə r b ə y. Yoldaşlarım yoxdur, yalqız gəlmişəm. S o n a x a n ı m. Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyacaqlar, şəksiz, dalımca atlanıb, atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzümü qiyamətədək görməzsən! H e y d ə r b ə y. Hələ səni aparmağa gəlməmişəm, qorxma! S o n a x a n ı m (qeyz ilə). Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən? H e y d ə r b ə y. Başqa məsləhət var, qulaq as! S o n a x a n ı m. Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda bilmənəm! H e y d ə r b ə y. Bir dayan, söz deyirəm! S o n a x a n ı m (atın cilovundan yapışıb). Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda deyərsən! H e y d ə r b ə y (onun qolundan tutub). A qız, bir gör nə deyirəm! Axır tələsmə! S o n a x a n ı m. Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de! H e y d ə r bəy. A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur? S o n a x a n ı m. Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-zaddır? İyirmi qızdan birisinə toy olmur. H e y d ə r b ə y. A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axır sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi etdin, bizi rüsvay elədin? Onda nə cavab verrəm? S o n a x a n ı m (bir az fikir edib). Pulu hardan tapıbsan? H e y d ə r b ə y. Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam. S o n a x a n ı m (yerə oturur). Yaxşı, söylə görüm! H e y d ə r b ə y. Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır? S o n a x a n ı m. Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdəgər ki, deyilsən, bu hesabları yoxlursan? De görüm, nə qədər pul tapıbsan? H e y d ə r b ə y. Axır bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilir. S o n a x a n ı m. A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerli-dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm; pulu kimdən aldın? H e y d ə r b ə y. A qız, qoymazsan, bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görən al-yaşılın üzünə baxmırlar? Əsgər bəy deyir ki, həmi ucuzdur və həmi göyçəkdir, həmi də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımırlar. S o n a x a n ı m. Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun! Sözünü de! H e y d ə r b ə y. Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır geyir, Hacı Əziz bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır. S o n a x a n ı m. Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən? H e y d ə r b ə y . Hər nə isə, başa düşürsənmi ki, burda firəng çiti necə əzizdir? S o n a x a n ı m. Nəyimə gərəkdir ki, başa düşüm? Firəng çiti alıb-satanam? H e y d ə r b ə y. Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdəgərlərə versəm, iki toyun xərci çıxar! S o n a x a n ı m. Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar! H e y d ə r b ə y. Pul tapmışam, yalan demirəm! S o n a x a n ı m. Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən? H e y d ə r b ə y. Axır borc almışam, yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, qazancını yarı bölək. Yoxsa verməz ki, toy edim! S o n a x a n ı m. Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün. H e y d ə r b ə y. Özü sövdəgər, tacir kişidir; mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər. S o n a x a n ı m. Kazaklar sənin də tükünü didə bilməzlərmi? H e y d ə r bəy. Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr? S o n a x a n ı m. Sən elə oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə çıxıbsan, istirsən genə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı deyiləm! Dur gedək, mən toy istəmirəm! H e y d ə r b ə y. Deyək ki, toy istəmədin, axır gərəkməz mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi? S o n a x a n ı m. Allah kərimdir, ac ki, qalmayacağıq? H e y d ə r b ə y. Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, çörək bacadan ki, düşməz! S o n a x a n ı m. Sabah açılır. Hələ dur gedək! Məni apar evində qoy, iki həftədən sonra istirsən get qaçaq mala! H e y d ə r b ə y. Çünki rüsxət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib aparmasam, məndən əskik adam yoxdur! S o n a x a n ı m. İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa). H e y d ə r b ə y . Belə, başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra vallah toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. Atan-anan yanında məni xəcil eləmə! S o n a x a n ı m. İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək! H e y d ə r b ə y. Allahı sevirsən, sözümə qulaq as! S o n a x a n ı m (başlayır ağlamağa). Heydər, görükür ki, məndən soyumusan? H e y d ə r b ə y. Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək. S o n a xanım istir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb. Sona xanımın anası Teyyibə x a n ı m alaçıqdan çıxır, çağırır. T e y y i b ə x a n ı m. Sona, Sona, Sona huy! S o n a x a n ı m. Vay, dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm (Tez qısılır yerə). Heydər bəy. A qız, bəs mən necə edim? S o n a x a n ı m. Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir! Heydər b ə y. Ha vaxt bəs gəlim? S o n a x a n ı m. Heç vaxt, get, dəxi məni görməzsən! H e y d ə r b ə y. Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü öldürrəm! S o n a x a n ı m. Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin! Heydər bəy(onun boynun qucaqlayıb üzündən öpür). Bu saatda gedirəm, qadan alım, dərd eləmə, bax özün izn verdin! T e y y i b ə x a n ı m. A qız, Sona, hardasan? H e y d ə r b ə y tez atı minib tələsik uzaqlaşır. S o n a x a n ı m. Ay ana, burdayam, gəlirəm. T e y y i b ə x a n ı m (yaxınlaşıb). A qız, çöldə nə qayırırsan bu qədər vaxt? S o n a x a n ı m. Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram (Əyilib başmağın axtarır). Teyyibə x a n ı m. Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü? S o n a x a n ı m. Elə buradaca düşdü ey(Əlin yerə sürtür). T e y y i b ə x a n ı m (yerə əyilib). Bəs hanı, əgər burda düşübdür? S o n a x a n ı m. Bax, budur, tapdım (Başmağın tayın əlində göstərir). T e y y i b ə x a n ı m. Di gey ayağına, gedək! Sona xanım başmağı geyib anası ilə gedir. Pərdə salınır. * * * İkinci məclis İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur. H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən. X u d a v e r d i. Salaməleyk! Hacı, atanızın ismi-şərifi nədir? H a c ı Q a r a. Əleykəssəlam! Naşurun topu neçiyədir? X u d a v e r d i. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? H a c ı Q a r a. Nəyinə lazımdır, əzizim? X u d a v e r d i. Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram. H a c ı Q a r a. Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərəfinizə düşdü? X u d a v e r d i. Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün cir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim? H a c ı Q a r a. Mən? Necə? Nə danışırsan, dəli olubsan? X u d a v e r d i. Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam. H a c ı Q a r a. Kişi, özbaşına sənə nə lazım olmuşdu, mənim atama quran oxuyursan? X u d a v e r d i. Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam. H a c ı Q a r a. Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum yoxdur! X u d a v e r d i. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir abbası şəfəqqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi. H a c ı Q a r a. Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar, tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir. Xudaverdi gedir. Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər. Ə s g ə r b ə y. Səlaməleyküm, hacı. H a c ı Qara (başın yuxarı götürüb). Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar). Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz. Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istirsiniz! Ə s g ə r bəy.Qəlyan çəkirik! H a c ı Q a r a. Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur). Ə s g ə r b ə y . Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı? H a c ı Q a r a. Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib, əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına). Hacı qadanızı alsın, hər nə qədər istirsiniz seçin. Getdiyim Kəbəyi-beytüllah haqqı, qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, buların birin də dükanda görməzsiniz. Alın, aparın! Ə s g ə r b ə y. Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma! H a c ı Qara (təəccüb və məlal ilə). Necə nəyinizə gərəkdir? Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? Ə s g ə r b ə y. Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var. H a c ı Q a r a. Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm. Bəşərti ki, xalis inək yağı ola. Heydər b ə y. A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, gör Əsgər bəy nə deyir. H a c ı Q a r a (qaşqabaq ilə). Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz! Ə s g ə r b ə y . Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı biz səni deyib gəlmişik! H a c ı Q a r a. Vallah, indi macalım yoxdur. Sonra dan-şarıq. Hələ zəhmət çəkin, gedin! H e y d ə r b ə y. A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan! H a c ı Q a r a. A başına dönüm, mən ki, qovmuram. Təvəqqə edirəm. Axıb kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım. H e y d ə r b ə y. Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur! Ə s g ə r b ə y. Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik. H a c ı Q a r a. Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkədim, doldurdum. Xoş gəldiniz! Ə s g ə r b ə y. Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan. Dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz! Ayağa durub çevrilirlər getməyə. H a c ı Q a ra. Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat? Ə s g ə r b ə y. Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun. H a c ı Q a r a. A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur! Ə s g ə r b ə y. İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. Hamı təzədən otururlar. H a c ı Q a r a. Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir? Ə s g ə r b ə y. Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə). H a c ı Q a r a. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu, ağrın mənə gəlsin! H e y d ə r b ə y. Tənbəki yoxdur, nədən dolduracaqsan? H a c ı Q a r a. Torbada var. Sən təki qəlyan çək. (Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə). Di söylə görüm, necə yetirəcək? Ə s g ə r b ə y. Hacı, bu qədər mal ki, bura tökübsən, heç bir quruş bundan qazanc varmı? H a c ı Q a r a. Nə bilim varmı, yoxmu, sözünü de! Ə s g ə r b ə y. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi? H a c ı Q a r a. Bəli, deyirlər ki, qoçaq adamdır! Ə s g ə r b ə y. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salır! H a c ı Q a r a. Bu zəmanədə çox qoçaqlıqdan isə ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır. Ə s g ə r b ə y. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir? H a c ı Q a r a. Xeyr, bilmirəm! Ə s g ə r b ə y . Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir. H a c ı Q a r a . Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? Ə s g ə r b ə y . Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul, yasavul, bizə nə eyliyə bilər! H a c ı Q a r a. Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram. Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var! Ə s g ə r b ə y. Eh, biz əlli yolun bilirik. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər. H a c ı Q a r a. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? Ə s g ə r b ə y. Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özünə də xirid elə. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür. H a c ı Q a r a. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? Ə s g ə r b ə y. Axır faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istirsən? On beş günə bizdən puluna fayda istəmək sənə ayıb deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən! H a c ı Q a r a. Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm. Ə s g ə r b ə y. A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib-gələ bilməzsən! Biz ki, sənin rəşidliyini danmırıq. H a c ı Q a r a. Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram. Ə s g ə r b ə y. Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəcəksən? H a c ı Q a r a. Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun. Ə s g ə r b ə y (Heydər bəyə, Səfər bəyə üzün çevirib). Yoldaşlar, nə deyirsiniz, razısınızmı? H e y d ə r bəy v ə S ə f ə r bəy. Dəxi, nə eliyək, razıyıq! Ə s g ə r b ə y. Hacı, di pul hazır elə! H a c ı Q a r a. Ha vaxt gedirsiniz? Ə s g ə r bəy. Bu axşam gərək yola düşək! H a c ı Q a r a. Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşamçağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək. B ə y l ə r (ayağa durub). Xudahafiz, Hacı! Gedirlər. H a c ı Q a r a (dallarınca). Xoş gəldiniz, axşam vaxtlı qayıdın! B ə y l ə r. Xatircəm ol. Uzaqlaşırlar. H a c ı Q a r a. A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum, gedim evə, tədarükü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dərdəcər ollam. Dükanı yığışdırıb bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara əlində açar, sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir. T ü k ə z. A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? H a c ı Q a r a. Səfərim var, yola çıxacağam! T ü k ə z. De görüm, hara gedəcəksən? H a c ı Q a r a. Sənə deməli deyil! T ü k ə z. Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən. H a c ı Q a r a. Elə, bir elə zaddır! T ü k ə z. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır). H a c ı Q a r a. Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsini görüm? T ü k ə z. A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan? H a c ı Q a r a. Dəxi nə gələcəkdir! Evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir! T ü k ə z. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola yiyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən? H a c ı Q a r a. Min kəmə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng-tapançanı dartıb alır). T ü k ə z. Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaqsan? Bu tüfəng-tapançanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına (İkiəlli başına qarıyır). H a c ı Q a r a. Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil burdan! T ü k ə z. Kişi, dəli olubsan. Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən? H a c ı Q a r a. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən? T ü k ə z. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır. H a c ı Q a r a. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram? T ü k ə z. Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər. H a c ı Q a r a. Arvad-uşaq zəhirmar yesin! T ü k ə z. Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da bizə qıyıb verməzdin! Bu halda bəylər çağırır. B ə y l ər. Hacı! Hacı! H a c ı Q a r a. Arvad, çəkil get, adamlar gəlir! Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır. B ə y l ə r (geyinmiş içəri girirlər). Səlaməleyk, Hacı! H a c ı Q a r a. Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin. Ə s g ə r b ə y. Hacı, hazırsanmı? H a c ı Q a r a. Bəli, başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz! Ə s g ə r b ə y. Elə niyə, Hacı? Burada tapşıranda nə olar? H a c ı Q a r a. O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur. Ə s g ə r bəy. Eybi yoxdur, olsun. Di dur gedək! H a c ı Q a r a. Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə. Ə s g ə r bəy. Neçə at götürürsən, Hacı? H a c ı Q a r a. Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yüklərik, nökər başın çəkər. Siz neçə at götürürsünüz? Ə s g ə r bəy. Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı? H a c ı Q a r a. Bəli! Ə s g ə r b ə y. Çox yaxşı. Di bəs geyin! Heydər bəy. Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq. S ə f ə r b ə y. Vallah, mənim Hacıya bu gümanım yox idi. H a c ı Q a r a. Adam iş vaxtı tanılır, qadan alım! Siz məni elə arşınölçən bilib saya salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan ötənlərə mallarını verib boş qayıdırlar. S ə f ə r bəy.Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar. H a c ı Q a r a. Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görərlər oların başına nə gətirrəm! Hamısına tövbələmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər! S ə f ə r b ə y. Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! Bu halda Kərəməli - Hacının nökəri və oğlu Bədəl içəri girirlər. K ə r ə m ə l i. Ağa, atlar hazırdır. Hara gedəcəksən? H a c ı Q a r a. Təbrizə! K ə r ə m ə l i. Təbrizə məni də istirsən aparasan? H a c ı Q a r a. Bəli! K ə r ə m ə l i. Nədən ötrü gedirsən, ağa? H a c ı Q a r a. Sənin nə vecinə? K ə r ə m ə l i. Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm? H a c ı Q a r a. Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən. K ə r ə m ə l i. Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən? H a c ı Q a r a. Başburt lazım deyil. K ə r ə m ə l i. Elə olsa, mən getmənəm. Mən bir yol burdan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır. Ə s g ə r b ə y. Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz! K ə r ə m ə l i. Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam. Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm. Ə s g ə r bəy. Sən bu səfər get. Yolda qarnın tutunca biz sənə çörək verrik. Hər birimiz də bir top çit bağışlarıq. K ə r ə m ə l i. Hacı da bağışlarmı? H a c ı Q a r a. Yükü sağ-salamat gətirib çıxarsan, mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram. K ə r ə m ə l i. Olsun! H a c ı Q a r a. Buyurun, gedək! Hamısı çölə çıxırlar. Sonra Tükəz məclisə gəlir, yalqız. T ü k ə z. Vay, evinizi allah yıxsın! Kişiciyi tovlayıb qaçaq mala apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalacaq! Vay-vay! (Dizinə çırpır, gedir). Pərdə salınır. * * * Üçüncü məclis Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır. H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək. Ə s g ə r b ə y. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altında yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək. H e y d ə r b ə y. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur. H a c ı Q a r a. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək. S ə f ə r b ə y. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə. K a z a k l a r d a n b i r i s i. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirmək istirlər! İ k i n c i s i. Mən belə bilirəm qaçaqçıdırlar! Ü ç ü n c ü s ü. Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar. H e y d ə r b ə y. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan oynuyub düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır. H a c ı Q a r a. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum! H e y d ə r b ə y. Hacı, hardasan? H a c ı Q a r a. Burda, söyüd ağacına yapışıb sallanmışam! H e y d ə r b ə y. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil! B ə d ə l. A başınıza dönüm, mənim atamı çıxardın! K ə r ə m ə l i. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan? Ə s g ə r b ə y. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver! Kərəməli sicimi tez çıxardıb verir. H e y d ə r b ə y. Əsgər bəy, tez sicimi gətir! Əsgər bəy sicimi yetirir. H e y d ə r b ə y. Hacı, sicimi atırıq, tut! H a c ı Q a r a. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir. H a c ı Q a r a. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan! H e y d ə r bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecəyarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər. O h a n (ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğrayacağam! S ə r k i s. A yüzbaşı, hansı tərəfdən gələcəklər? O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək! S ə r k i s. A yüzbaşı, elə hamı yüklərini alacaqsan? O h a n. Allah bilir ki, xurcunlarınadək alacağam! S ə r k i s. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq. O h a n. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən. S ə r k i s. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi? O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma! S ə r k i s. Xeyr, heç gözlərinə görükmənəm! Gedir. O h a n. Uşaqlar, sərhesab olun! Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb. S ə r k i s. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır. O h a n. Doğru deyirsən? S ə r k i s. Allah bilir ki, doğru deyirəm! O h a n. De ki, sən öləsən! S ə r k i s. Sən öləsən, sənin başın üçün! O h a n. Üstündə doğrudan tüfəng və tapança gördün? S ə r k i s. Vallah gördüm! O h a n. Neçə idilər? S ə r k i s. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz. O h a n. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq. Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər. H e y d ə r b ə y (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! O h a n . Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan? H e y d ə r b ə y. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar! O h a n (yoldaşlarilə yoldan yan durub). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik. H e y d ə r b ə y. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi! (Tüfəngi uzadır). O h a n. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur! H e y d ə r b ə y. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam! O h a n. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz? Heydər b ə y . Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!! O h a n. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir! S ə r k i s. A yüzbaşı, bəs murova nə deyək? O h a n. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdullar? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! Qayıdırlar. S ə r k i s. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? O h a n. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik! S ə r k i s. Bəs deyəkmi quldura rast gəldik? O h a n. Balam, nə işimiz var? Deyərik: dəvə gördün qığın da görmədik. K a r a p e t. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik. O h a n. Yaxşı, onu sonra fikir edərik, hələ gəl! S ə r k i s. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür). H e y d ə r bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəliniz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz. Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür. O h a n (diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! S ə r k i s. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm. O h a n (darıxmış). A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamısı gedirlər. H e y d ə r b ə y (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin! O h a n (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik. H e y d ə r b ə y. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!.. Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdan itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına. H a c ı Q a r a. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız? H e y d ə r b ə y. Nədən ötrü, Hacı? H a c ı Q a r a. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər. H e y d ə r b ə y. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? H a c ı Q a r a. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur? H e y d ə r b ə y. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin. H a c ı Q a r a. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim! Ə s g ə r b ə y. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi. H a c ı Q a r a. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam. H e y d ə r b ə y. Hacı, oradan o yana yalqız gedə bilərsənmi? H a c ı Q a r a. Oradan o yana dəxi ki, kazak yoxdur. H e y d ə r b ə y. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz. H a c ı Q a r a. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam! H e y d ə r b ə y. Bərakallah, Hacı, maşallah qoçaq imişsən! H a c ı Q a r a. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz! H e y d ə r b ə y. Əcəb olar, Hacı, biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. Pərdə salınır. * * * Dördüncü məclis Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, biri eşşək üstə gəlirlər. A r a k e l: Mkrtıç, allah qoysa bu il səksən çuval taxılımız olar. M k r t ı ç: İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq. A r a k e l: Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik. M k r t ı ç: Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi. A r a k e l: Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur. M k r t ı ç: At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür. K ə r ə m ə l i: Evimiz yıxıldı, ağa, qabaqda iki adam görükür! Demədimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin, di indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar. H a c ı Q a r a: Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala? K ə r ə m ə l i: Belə bu görükənlər! Bir irəli dur, bax! Bular şəksiz Murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan. H a c ı Q a r a: Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma, mən buları qabaqlayım, görüm sözləri nədir. Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqlı malına tamah etməsin. K ə r ə m ə l i: Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm. H a c ı Q a r a: Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng.) Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum! M k r t ı ç: A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eyləmirik? Yoldan gedənik! H a c ı Q a r a: Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burada niyə görükürsünüz? M k r t ı ç: Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. H a c ı Q a r a: Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz! M k r t ı ç: (təəccüb ilə) Arakel, bu nə danışır?! A r a k e l: Bir ağıllı-başlı soruş, gör sözü nədir, nə istəyir? M k r t ı ç: Ay qardaş, biz fağır, padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir? H a c ı Q a r a: Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum! M k r t ı ç: A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir. H a c ı Q a r a: Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam! A r a k e l: M k r t ı ç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm. M k r t ı ç: Heç mən də başa düşmürəm. Dinmə görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xarc və tövcü veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək Tuğlu bir adamın bir quruşunu yeyibsə, qanımız sənə halaldır! H a c ı Q a r a: Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram! Ermənilər başlayırlar qorxmağa. M k r t ı ç: Ay qardaş, yer haqqı, göy haqqı, bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur? H a c ı Q a r a: Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur? M k r t ı ç: A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz. H a c ı Q a r a: Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alın tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görünüb? M k r t ı ç: A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir. H a c ı Q a r a: Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm! M k r t ı ç: Arakel, nə eyliyək? A r a k e l: Vallah, mən özüm də mat qalmışam. M k r t ı ç: Pərvərdigara, nə iş idi düşdük! A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək. H a c ı Q a r a: Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib Murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz Murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar! M k r t ı ç: A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən? H a c ı Q a r a: Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evin yıxana, zalimə, müftəxora, dar ağacına layiq olana! M k r t ı ç: Bəs sən özün kimsən? H a c ı Q a r a: Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı bu dərənin ortasında məni qabaqlardınızmı? M k r t ı ç: Vallah, biz özümuz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik. H a c ı Q a r a: Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür: məni mətəl eləməyin! Tez olun, yaraqlarınızı salın! M k r t ı ç: A r a k e l, nə çarə edək? A r a k e l: Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istəyirsən tulluyaq, aha! (Oraqları qabağa tullayırlar.) H a c ı Q a r a: Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun, yoxsa od ələdim! A r a k e l: A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur! H a c ı Q a r a: İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun. M k r t ı ç: Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən, elə! Allah cəzanı versin! H a c ı Q a r a: Belə bəs? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür. A r a k e l qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır:) Tərpənməyin! Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə. M k r t ı ç: Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən? H a c ı Q a r a: Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub) A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar! K ə r ə m ə l i: Ay ağa, geri qaçım, ya irəli? H a c ı Q a r a: Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç, qurtar, tez! K ə r ə m ə l i: Yəni yük ilə qaç demirsənmi? H a c ı Q a r a: Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən? K ə r ə m ə l i: Mən özüm də belə bilirəm. (Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istəyir ayağa dursun.) H a c ı Q a r a: (qaim sövt ilə) Ay, tərpənmə, yoxsa vurdum! A r a k e l genə yerə enir. Bu əsnada Murov, üstüncə bir dəstə adam yetişir. X ə l i l y ü z b a ş ı: (Murova) Ay ağa, burdadırlar, tapmışam, gəlin! M k r t ı ç: Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın! A r a k e l: (ayağa durmuş) Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nicat verin! H a c ı Q a r a: Gözünüzə dönüm, hər kimsiniz gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlıyın, eliyin, mən çıxım gedim. Bu halda Murov adamları ilə bulara tərəf çevrilir. M u r o v: Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma! X ə l i l y ü z b a ş ı: (irəli yeriyib ermənilərə) Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın! M k r t ı ç: Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir. H a c ı Q a r aya işarə edir. X ə l i l y ü z b a ş ı onun tərəfinə çevrilir. X ə l i l y ü z b a ş ı: A kişi, tərpənmə, yarağını sal! H a c ı Q a r a: A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb eyliyiblər, istəyirdilər soyalar, çalışıb özümü soydurmamışam. M u r o v: Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar! M k r t ı ç və A r a k e l: Ay ağa, vallah bizim yarağımız yoxdur! İstəyirsən, yaxın gəlin, baxın. X ə l i l y ü z b a ş ı: (Hacı Qaraya) A kişi, sən yarağını sal, Murov buyurur! H a c ı Q a r a: A başına dönüm, Murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım Murova peşkəşdir. Amma bunlar yalan deyirlər, yaraqları gizliyib. (Yaraq-əsbabın yerə salır, sonra Murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya) M u r o v: A kişi, mən səni üç kecədir, axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! (Xəlil yüzbaşı Hacı Qaranın qolların bağlayıb.) H a c ı Q a r a: A başına dönüm, mənim təqsirim nədir? M u r o v: Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram! H a c ı Q a r a: Ağa, məni niyə dar ağacından asdırırsan? Mən quldur deyiləm, yol kəsən deyiləm. Quldur, yol kəsən dar ağacından asılar. M u r o v: Necə quldur deyilsən? Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların yoldaşı deyilsən? H a c ı Q a r a: Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdagərlikdir. Adam soymaq bacarmanam. M u r o v: Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayrırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə) A kişi, siz kimsiniz? M k r t ı ç: A qurbanın olum, biz tuğlu fağır biçinçiyik, əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib, qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik. M u r o v: (H a c ı Q a r aya) A kişi, buları sən burda saxlamışdın? H a c ı Q a r a: Mən buları saxlamışdım? Yalan isə allah buların evin yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istəyirdilər. M k r t ı ç: Ağa, yalan deyir, o bizi soymaq istəyirdi! H a c ı Q a r a: Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər. M k r t ı ç: Ay ağa, vallah bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi qaçdı. M u r o v: X ə l i l y ü z b a ş ı, di gəl qan ki, bunların hansı doğru deyir. Şeytan da bunların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik. X ə l i l y ü z b a ş ı hamısını dustaq edir. H a c ı Q a r a: (başlayır ağlamağa) Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm! Cibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı nə olacaq! Ermənilərdən birisi: A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaraçağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax! X ə l i l: A kişi, az danışın, yeriyin! Hamı gedirlər, gözdən itirlər. Pərdə salınır. * * * Beşinci məclis Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar. H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm. S o n a x a n ı m: Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm! H e y d ə r b ə y: Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Bir artıq iş deyil. S o n a x a n ı m: De görüm, necə işdir? H e y d ə r b ə y: Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən kimi Qarbağ bazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək gərək atan evində qalaydın. S o n a x a n ı m: Bəs deyirlər ki, axır qadağandır, gedib gələnlərə tənbih edirlər. H e y d ə r b ə y: Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər! S o n a x a n ı m: Bəs sənin qabağına heç çıxan olmadı? H e y d ə r b ə y: Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. S o n a x a n ı m: Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah bu işi də fikir edəndə ürəyim əsir! H e y d ə r b ə y: A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynunu qucaqlayıb üzündən öpür.) A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım? S o n a x a n ı m: (başlayır ağlamağa) Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil! H e y d ə r b ə y: Bəs qoy, bir-iki dəfə də gedim, yoldaşlarımın borcun verim, sonra deyərsən dəxi getmənəm. S o n a x a n ı m: (ağlaya-ağlaya) Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər! H e y d ə r b ə y: Axır şərtimiz belə idi. Getməsəm, pullarını istəyirlər, gözləməzlər. S o n a x a n ı m: Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, onları sakit edər. H e y d ə r b ə y: Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən? S o n a x a n ı m: Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam. H e y d ə r b ə y: Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz! S o n a x a n ı m: Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm ki, səni əlimdən alacaqlar. Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir. T ü k ə z: A başına dönüm, mənim ərimi neylədiniz, mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz. Onun nə özü var, nə nökəri var! H e y d ə r b ə y: Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır? T ü k ə z: Xeyir. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa ölümə verdiniz? H e y d ə r b ə y: Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə! T ü k ə z: Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istəyirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız! H e y d ə r b ə y: Bizə məhsil vaqe oldun? Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovluyub aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma! T ü k ə z: Gedirəm murova, Naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! Bu halda qışqırıq qopur, murov və Naçalnik adamları ilə alaçığı çevirirlər. M u r o v: Naçalnikin buyuruğudur ki, heç kəs yerindən tərpənməsin. H e y d ə r b ə y: (qabağa çıxıb) Murov, Naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça. M u r o v: Təqsirli var, ya yoxdur, ancaq Naçalnik Heydər bəyi görmək istəyir. H e y d ə r b ə y: Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun! N a ç a l n i k: (irəli yeriyir) Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə qoşuldun? İndi gərək mənim ilə qalaya gedəsən! Sona xanım başlayır titrəməyə, ağlamağa. H e y d ə r b ə y: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir. N a ç a l n i k: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver. H e y d ə r b ə y: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal eylədim N a ç a l n i k: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır! Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir. N a ç a l n i k: Ohan yüzbaşı, bu idimi sizə rast gələn? H e y d ə r b ə y: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin! O h a n: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir.) N a ç a l n i k: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə! O h a n: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! Şəhadətnaməsini cibindən çıxarıb uzadır Naçalnikə. N a ç a l n i k: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın! H e y d ə r b ə y: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz həsəbləri üçün şəhadətnamə qayırarlar. O h a n: Bu sözü Naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra Naçalnikə mütəvəcceh olub) Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir batırsın. Haqq elə, mən bədbəxt olmuyum. N a ç a l n i k: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? O h a n: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar. H e y d ə r b ə y: Naçalnik, tamam danışdığı sözlər böhtandır! N a ç a l n i k: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş. H e y d ə r b ə y: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm! N a ç a l n i k: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranıhüzura gətirir.) N a ç a l n i k: De görüm, bu kimdir, necə adamdır? H e y d ə r b ə y: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil, ermənilər xilaf ərz ediblər. N a ç a l n i k: Xəlil yüzbaşı, erməniləri gətir. Xəlil yüzbaşı tuğluları gətirir. N a ç a l n i k: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş! H e y d ə r b ə y: Belə deyil, bu kişi də yalan danışır. N a ç a l n i k: (acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam! H e y d ə r b ə y: İxtiyar sənindir. S o n a x a n ı m başlayır titrəməyə. N a ç a l n i k: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin? H a c ı Q a r a: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm. N a ç a l n i k: Padşaha sən nə qulluq etmisən, a kişi? H a c ı Q a r a: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm. N a ç a l n i k: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən! H a c ı Q a r a: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki... N a ç a l n i k: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?! H a c ı Q a r a: Başına dönüm, onlar məni əyləmişdilər. M k r t ı ç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi! Bu halda Cavanşir murovun yasavulu yetişib. Y a s a v u l: (Naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək. M u r o v: Yəqin ki, genə tatardırlar. Y a s a v u l: Bəli. N a ç a l n i k: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər? O h a n: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz! N a ç a l n i k: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və bacarmırsınız! Y a s a v u l: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir. Hacı Qaranın rəngi qaçır. N a ç a l n i k: Hardadır? Hüzura gətir! Yasavul gedir H e y d ə r b ə y: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm? O h a n: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar. N a ç a l n i k: Həqiqət olunar. Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən gedir. N a ç a l n i k: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək! Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır. N a ç a l n i k: A kişi, sənə nə gəldi özündən getdin? Hacı Qaranın dili tutulur. N a ç a l n i k: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi? K ə r ə m ə l i: Bilmirəm, başına dönüm. N a ç a l n i k: Sən kim ilə, haçan qaçaq mala getmişdin? K ə r ə m ə l i: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim. N a ç a l n i k: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən? K ə r ə m ə l i: Mənim o yükdən heç xəbərim yoxdur. N a ç a l n i k: Bəs o mal kimindir? K ə r ə m ə l i: Bilmirəm. N a ç a l n i k: Bəs sən at üstündə deyildin? K ə r ə m ə l i: Bəli. N a ç a l n i k: Bəs yükü atın üstünə kim qoyubdur? K ə r ə m ə l i: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur. N a ç a l n i k: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram. H e y d ə r b ə y: Naçalnik, bir ərzim var. N a ç a l n i k: De görüm. H e y d ə r b ə y: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş. N a ç a l n i k: (Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi? H e y d ə r b ə y: Əsgər bəy, Səfər bəy. N a ç a l n i k: (murova) Onları çağır, gətir! M u r o v: Bu saatda! (Murov bir yasavul göndərir.) N a ç a l n i k: (Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, O h a n yalan danışır? H e y d ə r b ə y: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.) N a ç a l n i k: Heydər bəy, yoldaşların bulardımı? H e y d ə r b ə y: Bəli, bulardır! N a ç a l n i k: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam. H e y d ə r b ə y: İxtiyar sənindir, Naçalnik! S o n a x a n ı m: (yeriyib Naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma! N a ç a l n i k: Heydər bəy, bu kimdir? H e y d ə r b ə y: N a ç a l n i k, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur! N a ç a l n i k: Necə məgər? H e y d ə r b ə y: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim. S o n a x a n ı m: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam. H e y d ə r b ə y: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam. N a ç a l n i k: (murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı? M u r o v: Olar. Ə s g ə r b ə y: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq! N a ç a l n i k: (murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə. M u r o v: Baş üstə! Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, Naçalnikin ayağına düşüb T ü k ə z: Başına dönüm, mənim ərimi mənə ver! N a ç a l n i k: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki? H a c ı Q a r a: Tövbə olsun, Naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın! N a ç a l n i k: (murova) Bunu da zaminə ver. H a c ı Q a r a: Başına dönüm, bəs malım necə olsun? N a ç a l n i k: O barədə səbr elə. H a c ı Q a r a: Qurbanın olum, malım yetişməsə ölləm! N a ç a l n i k: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər. (Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayidövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan çıxardasınız! B ə y l ə r: Can-baş ilə nəshətini qəbul edirik, Naçalnik! N a ç a l n i k: (S o n a x a n ı mın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab gəlincə. S o n a x a n ı m: Mənim başım üstə, Naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam. N a ç a l n i k: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstiyir getsin.) H a c ı Q a r a: Başına dönüm, Naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər! N a ç a l n i k: (murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola! H a c ı Q a r a: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam! N a ç a l n i k uzaqlaşır, dalısınca da adamlar. Pərdə salınır. * * * == Hekayəti xırsi-quldurbasan == Hekayəti xırsi-quldurbasan Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. ƏFRADI-ƏHLİ-MƏCALİS Divanbəyi. Vəli Xatun oğlu . Kamalov – onun dilmancı. Oruc Nəsib oğlu . Məşədi Qurban. Sona – Pərzadın qayınanası. Tarverdi – onun oğlu. Koxa. Pərzad – onun qardaşı qızı. Matvey – kazak. Nəcəf. Frans Foxt – hafizi – canəvəran. Namaz. Kərim – yasavul. Zalxa – onun arvadı. Tərəkəmələr və kazaklar. Bayram – cavan oğlan. * * * Əvvəlimci məclis ƏVVƏLİMCİ MƏCLİS Əvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki, Pərzad oturubdur daş üstündə, yanında qıvraq geyinmiş və yaraqlanmış Bayram gözün ona dikmiş. B a y r a m. Axır ki, bu palıd ağacının dibində mənə müyəssər oldu ki, səninlə görüşüb, danışıb ürəyimi boşaldam. Niyə geri baxırsan? P ə r z a d . Ay aman, qorxuram! Bayram. Qorxma, mən səni çox əyləmənəm. Indi Pərzad, mənə de görüm, sən gedəcəksən Tarverdiyə, bu tata1 arvad olacaqsan, sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var? P ə r z a d . Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox. Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın? Bayram. Bəs məlum olur ki, əmin səni axtarmır, ancaq sənin sürün, ilxın axtarır. Onun üçün istir səni öz oğluna, o təcikə,2 o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur? P ə r z a d . Neyləyim, yazını pozmaq olmaz. Həlbət mənim də qabağımda belə yazılmışmış ki, gərək mən təcik arvadı olaydım. B a y r a m. Yəni nə dərddir? Təcikə arvad olmaqdansa, özünü bu gölə tulayıb boğulsan, yey deyilmi? P ə r z a d . Əlbəttə, yüz qat boğulmağım Tarverdiyə arvad olmaqdan yeydir. Səndən çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərd ilə özümü sağ qoymanam! Bayram. Allah eləməsin, söz gəlişi mən belə deyirəm. Sən olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə heç vaxt razı ola bilmənəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! Günü sabah bir güllə Tarverdinin böyrəyinə vurram, sonra özümün də başıma hər nə gəlsə gəlsin. P ə r z a d . Bəs elədə bir güllə də mənə vur, məni də öldür, səndən sonra mən dəxi niyə gərək dünyada sağ qalam! Bayram. Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan, sonra barı bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən, heç olmasa tay-tuş tənəsi çəkməzsən. P ə r z a d . Ay Bayram, Allahı sevirsən, mənim ürəyimi Qana döndərmə! Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran-yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım. Bayram. Mənə nəsib olmağın öz əlindədir, əgər istəsən. P ə r z a d . Necə öz əlimdədir? Bayram. Belə ki, mənə izin ver, səni götürüm qaçım. P ə r z a d . Hara? Bayram. Qarabağa, Irəvana, başqa uzaq yerə. P ə r z a d (bir az fikir edib). Xeyr, anam razı olmaz. Anamın gözünün ağı-qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar. Bayram. Bəs qoy səni aparım mahalımızın o biri başına. P ə r z a d . Eh, o boş işdir! Əmim dövlətli, zorlu kişidir. Bu yaxında heç vaxt məni sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar, üstünə təqsir yıxar, divana salar, nə bilim, nə elər... Bayram. Bəs necə gərək olsun? Sən gedəsən Tarverdiyə arvad olasan, mən də qıraqdan baxam?! P ə r z a d . Bəs nə qayırım? Bir yol göstər, mən elə edim. Bayram. Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? P ə r z a d . Bəşərti ki, Tarverdini öldürmək olmaya. Bayram. Yaxşı öldürmək olmasın. Belə ola ki, Tarverdi burdan uzaqlaşa, özgə yerə düşə. P ə r z a d . Yaxşı, buna mən razıyam. Bayram. Bəs dur get Namaz arvadı Zalxanı bura göndər gəlsin, onunla danışım. P ə r z a d . Bu saatda göndərrəm (getmək istəyir). Bayram (onun əlini tutub). Bir dayan, söz deyirəm! P ə r z a d . Nə deyirsən? Bayram. A zalım, mənim ürəyim od tutub alışır. yanır, elə məni belə qoyub gedirsən? P ə r z a d . Bəs necə eləyim? Bayram. Barı ürəyimə bir az su səp get! P ə r z a d . Odur, su qabağında çaydan axır, iç nə qədər istəyirsən. Bayram. Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? P ə r z a d . Bəs nə ilə sönər? Bayram. Bir cüt öpüş ilə... P ə r z a d (əlini dartır). Eh, bəsdir, sən allah hələ zarafat vaxtı deyil; qoy gedim, indi mənim dalımca gələn olar. Bayram onun boynun qucaqlayıb bir cüt öpüş alır, buraxır. Pərzad tullana-tullana obaya qaçır. Bayram (dalısınca). Zalxanı tez göndər, burda gözətləyirəm! (Yalqız). Ax, Taverdi, Tarverdi! Güman edirsən ki, Pərzadı qoyacağam sənə gedə? Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim var mən Bayram ilə meydana girəm? Onun kimi ata bilmənəm, vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam, bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dişqarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi adamın sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün onu sağ qoymanam! Bu halda Zalxa dalısı tərəfindən. Za l x a . Salaməleyk, Bayram. Kimlə gap eyliyirsən? Bayram (dalı çevrilib). A. Zalxa, sənsən? Kim ilə gap eyləyirəm? Tarverdinin qarasınca söylənirəm. Za l x a . Tarverdi sənə nə eləyibdir? Bayram. Dəxi nə eyləyəcəkdir? Günümü qara edib, səbrü qərarımı kəsibdir; nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi alışam, yanam! Za l x a . Axır niyə, nə səbəblə? Bayram. O səbəblə ki, bu təcik, bu maymaq istir ki, Pərzada ər ola. Sən allah, Zalxa, doğru söylə, Pərzad kimi qız heç rəvadırmı ki, belə təcikə gedə? Za l x a . Kim deyir ki, Pərzad Tarverdiyə gedəcəkdir? Pərzadın ürəyin mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi onun gözündə çibincə də görükmür. Bayram. Bundan nə hasil ki, Tarverdi onun gözünə çibincə də görükmür? Amma çibin şirinə həris olan kimi, Tarverdi Pərzada hərisdir! Bugün-sabahdır, atası Məşədi Qurban kəbinin kəsdirib ona verəcək. Za l x a . Qızın könlü olmasa, necə onu ərə vermək olar? Bayram. Eh, Zalxa, nə danışırsan? Allahı sevirsən, qız uşağının əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən bir az uf-tuf elər, sonra çarəsi kəsilər, tən qəzaya verər, ancaq mən ah-zar ilə dərdə giriftar qallam. Za l x a . Bəs sənin fikrin nədir? Bayram. Mənim fikrim budur ki, indidən başımın çarəsini görəm. Tarverdini aradan götürəm! Za l x a . Yəni onu öldürəsən? Bayram. Yox, ona Pərzad razı olmur, mən özüm də səlah görmürəm. Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. Pərzad mənim əlimdən də çıxar. Za l x a . Doğru deyirsən. Bəs necə Tarverdini aradan götürmək istirsən? Bayram. Bax, mən necə onu aradan götürmək istirəm. O sizə çox gəlir, sənin kişin Namaz ilə çox gəzir. Əgər sən və Namaz mənə kömək edib bir iş eləsəniz, özümün kürd atımı bağışlaram namaza və bir yanı buzovlu inək də sənə verrəm. Za l x a . Doğrudan bir inək? Bayram. Şəksiz, şübhəsiz! Za l x a . Yanında da buzovu?! Bayram. Bəli, buzovu ilə, inan ki, doğru deyirəm. Za l x a . Biz nə gərək edək? Bayram. Məsələn, Tarvedini bir bəhanə ilə evinizə çağırın, inandırın ki, Pərzad səndən ötrü biixtiyardır, amma sənə gəlməyə taytuşunun tənəsindən qorxur; ondan ötrü ki, deyirlər, sən bir təcik və qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda adın çəkilməyibdir. Atmağın məlum deyil, vurmağın məlum deyil. Hansı qız sənin kimi oğlanı sevər? Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya bir at oğurla, ya bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin sahibidir. Ondan sonra qız da öyünsün ki, sənin kimi əri var. Tarverdi axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq xata-balaya, Pərzad qalacaq mənə. Za l x a . Vallah, yaxşı fikir edibsən! Sənin kimi oğlandan ötrü gərək çalışam. Bayram. Dürüsət anladınmı dediyim sözləri? Za l x a . Xatircəm ol! Bayram. Sonra hər nə olsa, mənə bildirərsən? Za l x a . Gedib divanbəyinə xəbər verəcəksən? Bayram. Yox, çuğulluq peşəsinin üstümə götürmənəm. Iş özü öz başına açılar. Ancaq mən istərəm xəbərdar olam, ürəyim bir az toxtiya. Za l x a . Çox yaxşı, sonra hər nə olsa, sənə bildirrəm. Indi gedirəm, işim var, mal gələn vaxtdır. Bayram. Get, al bu yaylıq da sənə peşkəş olsun. Za l x a . Ba, nə yaxşı yaylıqdır! Içindəki nədir? Bayram. Içindəki kişmişdir; onu da ver uşaqlarına. Za l x a . A kişi, oğul sənin kimi olmaq gərək! Sənin qadan dəysin Tarverdinin böyrəyinə! Ömrümdə onun əlindən mən bir çürük alma da almamışam. Sağlıq ilə qal, muradına yetiş! (Gedir). Bayram (dalısınca). Vədini unutmayasan! Zalxa (geri dönüb). Sən də bir inək demisən, sən də unutma! Bayram. Bəli, bir südlü, cins inək ki, misli olmaya! Za l x a . Yanında da buzovu! Bayram. Əlbəttə, buzov ilə! Za l x a . A kişi, sənin kimi qoçaq oğlanı sevməmək olurmu? Sağlıq ilə qal, şahbazım! Bayram. Get, xoş gəldin! Allah, indi nə qayırım? Gedim dərədə barı ovdan-zaddan axtarım, bir az fikrimi dağıdam. Bəzi-tamaşaxana təğyir tapıb, Namazın evinin surəti bərpa olur. Namaz və Zalxa. Namaz. Sən deyirsən ki, bu işdən ötrü Bayram özünün kürd atını mənə bağışlayacaqdır? Za l x a . Şəksiz bağışlayacaqdır! Namaz. Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar, kürd atını satmadı. Onu mənə peşkəş elərmi? Za l x a . Pərzaddan ötrü o indi canından keçər; at, mal nə şeydir? Namaz. Bəlkə allada, sonra verməyə? Za l x a . Aldatmaz, Bayramı tanımırsan? Onun kimi gözəl, sözü bütün oğlan tamam obada varmı? Namaz. Yaxşı oldu, mən özüm də istirdim ki, Tarverdini bir xataya salam. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasavul qoydurub aldı, mən də ona bir hayıf çəkməsəm ürəyim dincəlməz. Za l x a . Dəxi niyə durursan? Belə fürsət olurmu? Həmi at alarsan, həmi hayıf çəkərsən. Tarverdi yaxındadır, get çağır gəlsin bizdə çörək yeməyə, sonra mən hamı işi düzəldərəm. Namaz. Əcəb deyirsən. Vallah gedirəm (Gedir). Zalxa (yalqız). Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan quldurluqdan ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki, qurd qoyun ilə otlaya! Bu halda Namaz Tarverdi ilə içəri girir. Namaz. Ay arvad, nəyin var, gətir görək, acmışıq! Za l x a . Bıy, nəyim olacaq? Acmışdınız, niyə Tarverdigildə gedib çörək yemədiniz, mənim üstümə gəldiniz? Namaz. Hər nəyin var, gətir, uzun danışma! (Gedir, evin bucağında yarağlarına baxmağa məşğul olur). Za l x a . Axşama dəxi bir zad qalmayacaqdır. T a r v e r d i . Ay Zalxa, nə qayım olubsan?! Za l x a . Niyə qayım olmayım? Səndən mən nə xeyir görmüşəm? Barı bir dilinə gətirəsən ki, toyumda sənə bir zad bağışlaram. T a r v e r d i . Necə toy? Za l x a . Toy bilmirsən? Toyunda de görüm mənə nə bağışlayacaqsan? T a r v e r d i . Yaxşı, onda sənə bir cüt başmaq bağışlaram; görürəm çoxdan ayaqyalın gəzirsən. Zalxa (üzün kənara tutub). Necə mırdar, saqqat adamdır! (Qaim səslə) Sağ ol, çox razıyam! Toyun tezmi başlanacaq? T a r v e r d i . Payızda. Za l x a . Niyə belə gec? T a r v e r d i . Pərzad yubandırır; deyir, hələ cehizi hazır deyil. Za l x a . Doğrudanmı? Bəlkə başqa səbəb var? T a r v e r d i . Nə başqa səbəb olacaq? Za l x a . Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? T a r v e r d i . Eh, bu nə danışır! Qız məni sevmir, qəribə söyləyirsən! Necə qız məni sevməz! Za l x a . Yəni sən deyəndə, çox zadsan! Niyə gərək səni sevə? Sən ömründə nə bir iş tutubsan, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər? T a r v e r d i . Nə ad çıxarmışam? Namaz. Arvad, nə danışırsan, nə işin var? Za l x a . Səsin kəs, sənlik zad yoxdur! T a r v e r d i . Namaz, sənlik zad yoxdur, doğru deyir. Yaxşı, Zalxa, söylə görək, mən nə ad çıxarmışam, yəni nə ad çıxardacağam? Za l x a . Heç oğurluğa gedibsənmi? T a r v e r d i . Xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötrü oğurluğa gedəcəyəm? Özümün dövlətim, malım azdırmı? Za l x a . Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam soyubsanmı, heç bir adam vurubsanmı? T a r v e r d i . Xeyr, nə adam soymuşam, nə adam vurmuşam. Sibirə gedənləri, dara çəkilənləri gözüm görmür? Za l x a . Qoçaq adam heç zaddan qorxmaz! Çəkinmək qorxaq adamın işidir. Axır odur ki, Pərzad bacarmır sənə gedə. Hamı deyir: sən qorxaqsan, taciksən! T a r v e r d i . Kim deyir? Za l x a . Hamı deyir. Arvadlar, qızlar, kişilər, hətta balaca uşaqlar da! Hamı hayıfsılanırlar ki, Tarverdi necə gözəl oğlandır, heç tayı yoxdur, amma çifayda, qorxaqdır, yassardır! T a r v e r d i . Kim deyir mən qorxağam? Heç vaxt qorxaq deyiləm. Bir az çəkinən, ehtiyatlı adamam... yoxsa məndə qorxaqlıq harda idi? Namaz. Ay arvad, bəsdir, az danış! Za l x a . Sən kəs səsini, işin yoxdur! T a r v e r d i . A kişi, sənlik nə var? Dinməsənə, görüm bu arvad nə danışır? Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istərmir? Deyirlər ki, mən qorxağam? Vallah, acığım elə tutur ki, istirəm bu saatda yola düşəm, gedəm, adam soyam; hamıya bildirəm ki, mənim haqqımda nahaq güman ediblər. Za l x a . Hünərini göstər görək, adam dilində çox zad deyər. T a r v e r d i . Sən bir yer nişan ver, mən bu saatda yola düşüm. Za l x a . Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin, ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən? T a r v e r d i . Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə bomboş? Za l x a . Belə tutaq ki, yaraqlı-əsbablı olarlar, sən ki ağacla qabaqlarına çıxmayacaqsan? Əlbəttə, sənin də yaraq-əsbabın olacaq. T a r v e r d i . Məlum ki, olacaq. Amma tək getmək bir az çətin deyilmi? Za l x a . Sən də yoldaş götür. Bizdə azmı qoçaq oğlan var. Eh, sən hara, belə iş hara?! T a r v e r d i . Mən hara, belə iş hara? Vallah, görərsən ki, doğru deyirəm. Namaz, bura gəl! Sən allah, mənə yoldaş tap! Namaz. Yoldaşı neyliyirsən? T a r v e r d i . Gəzməyə gedəcəyəm. Namaz. A kişi, boş-boş danışma, səndən karvan vuran olmaz! T a r v e r d i . Vallah, doğru sözümdür, yoldaş tap! Namaz. Sarsaq söyləmə! Mən səlah görmürəm; sənin işin deyil! T a r v e r d i . A kişi, nə tövr adamsan? Sənin nə vecinə? Sən mənə yoldaş ver, sonra gör ki, işimdir, ya yox? Namaz. Çünki əl çəkmirsən. Bəli Xatun oğlunu, Oruc Nəsib oğlunu çağırrıq apararsan. T a r v e r d i . Elə ikicəsini? Namaz. Ikisi bəsdir. T a r v e r d i . Doğrudan bəsdir. Olsun. Di adam göndər, onları çağırsın! Namaz. Zalxa, get oları bura çağır! Za l x a . A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq eləyir. Namaz. Kəs səsin. Tarvedi kimdən əskik igiddir? Əli-qolumu özgələrindən kiçikdir? Za l x a . Mən onu tanıyıram, o heç vaxt bu işə girişməz. T a r v e r d i . Mən girişmənəm? Görərsən, necə girişərəm! Get oları tez çağır, sonra məlum olar. Za l x a . Yaxşı gedirəm. (Üzün kənara tutb) Axmaq, hamı sözümüzə inandı. Inşallah gedəcək. (Gedir). Namaz (ahəstə). Bax, Tarvedi, əgər bəxtin yar olsa, hər nə gətirsən gərək özün bərabəri mənə də pay verəsən ha! Ayıbdır məndən gizləmək! Gətirdiyiniz şeylərin başın batırmaq, izin itirmək mənim boynuma, bəşərti ki, hər zaddan mənə yarı pay olsun. T a r v e r d i . Eh, məçit tikilməmiş kor əsasın dayadı. Hələ qoy görək nə olur! Namaz. A kişi, sənin əlindən nə gəlməz? Mən axmaq arvad tayfası deyiləm ki, səni tanımayam. Məgər sən ayı qıran Əmiraslanın nəvəsi deyilsən? T a r v e r d i . Namaz, sən allah onun işlərindən eşidibsən ki, nələr edibdir? Namaz. Necə eşitməmişəm? Səfər dayım onun dostu deyildi idi? Onun işlərin birbəbir mənə nağıl etməyibdirmi? Inşallah biz də olar kimi bir-birimizi sevəcəyik. Ümidim budur ki, əlinə düşən ovu məndən gizləməyəsən. T a r v e r d i . Olsun, təki bir para adamlar mənim haqqımda çürük sözlər danışmasınlar. Mən elə hamısını sənə verrəm, mən ki, pul, mal dərdində deyiləm. Namaz. Hamısını mənə verərsən? Vallah əcəb deyirsən! Barakallah! Indi bildim ki, damarında Əmiraslan qanı var. Vədini unutmayasan! T a r v e r d i . A kişi, sən yoldaş ver, axırına bax! Namaz. Odur, yoldaşların gəlirlər. Bu halda Zalxa, Vəli Xatun oğlu və Oruc Nəsib oğlu daxil olurlar. V ə l i v ə O r u c . Səlam-əleyk! Namaz. Əleyk-səlam! Və l i . Namaz, nə var, xeyir ola, bizi əcəb çağırdıbsan? Namaz. Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz. Oruc. Necə gəzməyə? Namaz. Dəxi nə soruşmaq? Gəzmək deyəndə özün bilmirsən? Və l i . Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun-quzu oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz. Orucu bilmirəm. Oruc. Mənciyəz... yeyərəm. Mənim havaxt quldurluğa getdiyim var? Mən heç qoyun-quzu oğurluğu da bacarmanam. Namaz. Olan, nə danışırsınız? Məgər igid deyilsiniz? Tüfəng atmaq bilmirsiniz? Və l i . Tüfəng atmaq bilirik o da ova, quşa. Adama tüfəng atmaq nə bizim işimizdir? Namaz. Kim sizə deyir ki, adama tüfəng atın? Atlanarsınız, çıxarsınız gəzməyə, düşərsiniz poşt yoluna; Birdən qabağınıza dəvə karvanı, ya erməni bəzirganları rast gələr, guya qorxutmaq üçün başlarının üstündən tüfəng boşaldarsınız. Bunda heç bir zərər yoxdur, olar qorxub hərə bir tərəfə qaçacaq. Malları, pulları tökülüb qalacaq, yığışdırıb, götürüb qayıdarsınız. Nə çətin işdir? Və l i . Eh, biz hara, belə iş hara? Biz bir çoban adamıq, bizə quldurluq nə yaraşar? T a r v e r d i . Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə. Görürsən ki, qorxurlar, dəxi niyə qısnıyırsan? Hamı mənim kimi ki, olmayacaqdır? Burax getsinlər! Namaz. Xeyr, qoy görüm. Vəli, ayıb deyil baş qaçırırsınız? Artıq tikə məgər baş yarar? Əvvələn, malıınz, pulunuz artar, ikinci ad-san çıxardarsınız. Oruc. Mənciyəz... yeyərəm! Mənim nəyimə gərəkdir ad-san? Və l i . Bəli, bu keçəl Oruca ad-san çox lazımdır! Namaz. A gədə, nə qeyrətsiz adamsınız! Tarverdi ilə duz-çörək dadmıyıbsınızmı? Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan dövlətli adam yoxdur? Sizin həmişə vecinizə gəlməzmi? Az adammı ondan xeyir görüb? T a r v e r d i . Namaz, niyə qısnıyırsan? Qoy görək, mən özüm də hələ bir az fikir eləmək istəyirəm. Namaz. Xeyr, nəməkbəhramlıq edirlər. Kiçik olan gərək böyüyün sözünə baxa! Və l i . Oruc, nə deyirsən? Gedəkmi? Oruc. Nə bilim, vallah, gedirsən, gedək! Və l i . A kişi, olar ki, bir at bahası əlimizə düşə. Iki ildir ki, at istəyirəm alam, pul tapmıram. Namaz. Əlbəttə, at bahası da əlinizə düşər! Belə xeyirdən adam qaçarmı? Və l i . Dəxi nə eyləmək, çünki Tarverdi çarəsiz xahiş edir, onun sözü sınınca, düşmənin boynu sınsın. Mən hazıram! Oruc. Mən də hazıram! Yoldaşdan ayrılmaq ki, olmaz. T a r v e r d i . Amma bir dürüst fikir edin... Namaz (onun sözün kəsib). Tarverdi sizdən razılıq edir və təvəqqe edir ki, fürsəti fövtə verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək üçün belə yaxşı vaxt ələ düşməz. Və l i . Oruc, gedək! Gedirlər T a r v e r d i . Namaz, bilirsənmi, bu zadı lap unutduq. Mənim atam bir məşədi kişidir. Heç razı olarmı ki, mən quldurluğa gedəm? Namaz. A kişi, atandan rüsxət al, get! T a r v e r d i . Əcəb danışırsan? Atama deyim ki, mənə rüsxət ver, quldurluğa gedim? Namaz. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm. Əlbəttə, rüsxət verəcəkdir; sonra çıx poşt yoluna. Dəxi nə var bunda? T a r v e r d i . Necə bunda nə var? Namaz. Yəni bundan asan nə var?! T a r v e r d i . Əcəb asan zad tapmısan? Mən, vallah, ancaq atamdan qorxuram, o cəhətdən bu iş mənə çox çətin gəlir. Namaz. Adam ki, qorxaq oldu, bu tövr ilə bəhanə gətirər. Getmirsən, özün bil. Bu halda Zalxa daxil olur. Namaz. Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. T a r v e r d i . Mən ki, demədim geriləyirəm. Za l x a . Mən bu saatda Pərzad ilə görüşdüm. Hamı işi qulağına pıçıldadım. Necə sevindi, necə sevindi!.. Dedi ki, indi Allaha şükür, dəxi deməzlər ki, Tarverdi qorxaqdır. Bundan sonra mən utanmanam deyim ki, onu sevirəm. Bu vaxtadək tamam qızlar mənə tənə edirdi, hər birisini görəndə başımı aşağı salırdım. Namaz. Aşkar zaddır ki, bizim qızlarımız heç bir oğlanı sevməzlər ki, adam soymamış, yol kəsməmiş ola, elə birisi bu Zalxa! Axır bu da gözəl sayılırdı! Za l x a . Allahı sevirsən, ətimizi tökmə, az danış! Namaz. Vallah, doğru deyirəm, eləbirisi bu Zalxa! Məgər mənə əvvəldən gələrdi, əgər quldurluğa əl qoymasaydım? Arvad, belədirmi? Za l x a . Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eyləyib danışmaq sənə qalıbdır? T a r v e r d i . Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm atam duyacaqdır. Namaz. Evə niyə gedirsən! Mənim qılıncımı, tüfəngimi, tapancamı götür, xançal da ki, öz belində var. Qoy mən səni geyindirim, yaraqlandırım. (Başlayır yaraqları onun üstünə taxmağa). T a r v e r d i . Dəxi başqa nə götürüm? Namaz. Olan, bəsdir, bular ilə bir qoşun qırmaq olar, dəxi artıq nəyinə gərəkdir? Za l x a . Vay amanTarverdi, necə heybətli oldun? Səni görən kimi adamlar qaçacaqlar. Bu halda Vəli və Oruc daxil olurlar Oruc. Biz də hazırıq. T a r v e r d i . Gedəkmi? Namaz. Gedin, gedin, uğurunuz xeyir olsun! Əlidolu qayıdasınız! Za l x a . Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul-qız görəsən! Oğlanların da sənin kimi qoçaq olsun! T a r v e r d i . Qəm eləmə, olacaqlar, şəksiz olacaqlar! Ya saf adımı batırram, ya adam soymamış qayıtmayacağam! Gedirlər. Namaz. Zalxa, bilirsənmi, mən şərtləşdim ki, Tarverdi hər nə gətirsə, yarısın mənə versin. Za l x a . Tarverdi yəni bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xam xəyal olursan? Şək yoxdur ki, onun qol-qıçını əzib yola salacaqlar. Namaz. Xeyir, kim bilir, olur ki, uğuruna bir xeyir gələ. Qorxaq həmişə özündən qorxağa rast gələr. Axırda iş necə qurtarsa, bizim xeyrimizdir; bir tərəfdən at, bir tərəfdən də pul! (Gedir əlin ovuşduraovuşdura). Pərdə salınır * * * İkimci məclis İKİMCİ MƏCLİS Vaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir. B a y r a m (yalqız). A kişi, ov da ələ düşmür; nə bir ceyran var, nə bir turac var; bir dovşan da barı rast gəlmir ki, bir tüfəng atam. Ürəyim darıxır. Nə yaman bəxtim var imiş, mənim! Tutalım ki, Pərzad məni sevir, əlindən nə gələcək? Əmisinin əmrindən çıxamı biləcək, tamam obanın öhdəsindən gələmi biləcək? Qız tayfasının xahişinə məgər bizlərdə qulaqmı asarlar? Ümid yoxdur, iqbalım gətirməyəcək. Zalxa etdiyi vədini bitirməyə cürət edə bilməyəcək. Namaz bir tamahkar, şeytanfikir adamdır. Heç vaxtda Tarverdi kimi dövlətli adamı ələ salmaq istəməyəcək. Pərvərdigara, necə edim, bu dərdə necə tablaşım. Nə tövr səbr edim, necə aram tutum, necə bu qüssədən dincələ bilim? Ax, nə xışıltı səsi gəlir?! Gərək ki, bu kolun dalısındadır. Canavar olacaq, gedim bəlkə güllə ilə vura bilim, elə bilim ki, Tarverdinin böyrəyinə güllə vururam (Gedir). Bir az sonra Tarverdi yoldaşları ilə yetişib, bellərini əyib, sinə-sinə o yana-bu yana baxırlar. T a r v e r d i . Tss... tss... ehtiyatlı olun, gərək ki, yoldan gələn var! Oruc. Var, var. At ayağının tappıltısı gəlir. Vəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq! T a r v e r d i . Dayanın, dayanın! Belə bilirəm ki, tüfəng atmasaq yaxşıdır. Və l i . Necə tüfəng atmasaq yaxşıdır? Onda necə soymaq olar? Sonra gərək əliboş obaya qayıdaq, tamam xalqı üstümüzə güldürək! T a r v e r d i . Nə səbəbə xalq üstümüzə güləcək? Deyərik ki, yola çıxdıq, çox gözlədik, heç kəsə rast gəlmədik. Və l i . Buna heç kəs inanmaz. Mən bunu edə bilmənəm. T a r v e r d i . Edə bilməzsən, bəs mən də köməksiz fəqir-füqəranın üstünə tökülə bilmənəm! Mən belə günah işə qoşulmayacağam! Adamda rəhm, mürüvvət yaxşı şeydir. Doğrusu budur ki, mən qayıdacağam. Mən qalmıram, gedirəm! Və l i . Yavaş, əzizim, çox gec başa düşübsən. Allaha and olsun, əgər ayaq geri qoyasan, şeytanını çəkib qarnını tüstü ilə doldurram. Sarsaq balası, sarsaq özün yalvarıb bizi bura gətirmisən, indi bizi qoyub getmək istəyirsən? T a r v e r d i . Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin xeyriniz üçün deyirəm ki, geri dönək; Bəlkə yol adamı bizdən çox oldular, bəlkə bizim kimi qoçaq adamlar oldular; tükümüzü töküb qolqanadımızı qırarlar. Və l i . Quşdan qorxan darı əkməz. Indi bu fikirləri eləmək vaxtı deyil! Yoldan ötənləri gərək əyliyək. Sən də bizim ilə gərək bir yerdə olasan; yoxsa, görərsən! Istirsən sabah aləmi bizə güldürəsən? Ayaq geri qoysan, bütün tüfəngi sənə boşaldacağam. (Tüfəngi ona sarı çevirir). T a r v e r d i . Allahu əkbər, bizə qorxaq deməsinlər deyin, gərək özümüzü bəlaya salaq?! A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm; sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik nədir? Igidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu qaçmaqdır, birisi heç gözə görünməmək. Mən deyirəm ki, bu iki işin hansına əməl edirsiniz edin. Və l i . Bəsdir, çox vəz vermə! Görürsənmi yuxarıda bir zad qaralır? O, yoldan gələn olacaqdır. T a r v e r d i (əyilib baxır). Doğrudan gələn var. Görəsən kimdir? Vallah gəlir! Bilirsinizmi, siz qabağa gedin, mən sizin dalınızı saxlıyım. Və l i . Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək görək, kimdir gələn. Ey, Tarverdi, vallah əgər qaçasan, obanın içində də haqqına fikir çəkərəm, özün bil! Tarverdi və sonra nemsə Fok. T a r v e r d i . Di gör, sevgililiyin axırı belə olar! Heç fikrimdən keçərdi ki, quldur olacağam, yol kəsəcəyəm, aləmə zəlzələ, vəlvələ salacağam? Pərvərdigara, sevgi nə yaman olurmuş? F o k . Mən çox yaxşı elədim ki, arabadan düşdüm, bir az piyada yeridim, çiçək dərdim. Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var. Bunu Mariya Adamovnaya peşkəş edəcəyəm. (Qəflətən gözü Tarverdiyə sataşıb) Ax, dədəm vay! Bu kimdir? Vay aman! Allah, sən saxla! T a r v e r d i . Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyliyiblər; kuçer3 qaçıb özün kolluğa saldı. Barakallah, qoçaqlarım, necə iş gördük! (Qəflətən gözü Foka sataşıb). Ey vay, tarı! Yaman yerdə gün axşam oldu! Bu kimdir görəsən? Fok. Ey vay bu quldur olacaqdır! Yəqin məni öldürəcək! (Başlayır titrəməyə). T a r v e r d i . Ey, yəqin bu adam da quldurluğa çıxıbdır, çiynində tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. (O da başlayır titrəməyə). F o k . Mariya Adamovna, Mariya Adamovna. Sən hardasan! T a r v e r d i . Yaxşı Pərzadı aldıq, yaxşı toy elədik, farağat, rahat duracağımız yerdə özümüzə iş qayırdıq! F o k . Allah, necə heybətlidir! T a r v e r d i . Allah, tüfəngi necə uzundur! Heç bir belə uzun tüfəng görməmişəm. F o k . Yaxşısı odur ki, bir tərəfə qaçam! T a r v e r d i . Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı. Vaxt ikən bir tərəfə yayınım. Hər ikisi birdən qaçırlar. Qəflətən bir-birilə toqquşurlar. Hər ikisi kisəsini çıxarıb bir-birinə uzadır. T a r v e r d i . Vallah, mənim var-yoxum budur, al, məndən əl çək! F o k . Vallah bundan artıq tamam səfərimdə bir zad qazanmamışam; al, məni burax! T a r v e r d i . Allahı sevirsən, məni qoy obaya qayıdım. F o k . Amandır, məni öldürmə, yazığam! T a r v e r d i . Bəs sən quldur deyilsən? F o k . Mən bir fəqir nemsəyəm. Sən kimsən? T a r v e r d i . Mən kiməm? Qurumsaq? Görmürsən ki, mən qulduram! Mənim kolluğun içində iki yüz yoldaşım yatır! Siz necəsiniz? F o k . Mən bircəyəm! T a r v e r d i . Di bəs tez qaç, yoxsa bu saatda səni öldürrəm! F o k . Doğrumu deyirsən ki, sən yalqız deyilsən? T a r v e r d i . Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir? F o k . Ax, tarı, tamam var-yoxum qarət olacaq! Ax, Mariya Adamovna! Mariya Adamovna! Bu necə bədbəxtlik idi üz verdi. Biz bundan sonra necə edəcəyik? (Ağlayır). T a r v e r d i . Yoldaşlarım yaxınlaşırlar, di itil cəhənnəmə, tez qaç, yoxsa bu saatda qarnını tüstü ilə doldurram! F o k . Ax, Allahı sevirsən, dayan, bu saatda qaçım. (Başlayır qaçmağa). T a r v e r d i (yalqız). Necə qorxutdum! Mənim kimi zalım olarmı? Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. Bu halda Vəli və Oruc arabaya qoşulan atı cilovundan çəkirlər, arabada iki sandıq var. T a r v e r d i . Ay uşaqlar hamısı qaçdılarmı? Və l i . Xatircəm ol, hamısı qaçdılar! T a r v e r d i (gülə-gülə). Necə qorxaq imişlər. Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var? Və l i . Arabada iki böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən, Tarverdi, tez oları sındır, içinin şeyin bir yerə yığ. Mən, Oruc gedək, arabanın atlarının birinə güllə dəyib, iki yaxşısı kolluğa qaçdı tutaq gətirək, şeyləri yükləyək aparaq. T a r v e r d i . Çox yaxşı, siz gedib atları qaytarın, mən bu saatda sandıqları sındırıb, şeyləri bir yerə yığaram; amma tez qayıdın, burada çox dayanmaq olmaz, qorxuram üstümə adam tökülə, əlimdən nahaq qan çıxa. Və l i . Axmaq danışma, sarsaq! Sən bir toyuq öldürə bilməzsən. Tək özün qaçma; adam öldürməyini sənə bağışladıq! Oruc. Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! T a r v e r d i . Baş üstə. Vəli, Oruc cəld uzaqlaşırlar. T a r v e r d i (yalqız). Genə mən yalqız qaldım. Zərəri yoxdur. Kimdən qorxacağam? Mal yiyələrini qaçırmışıq. A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin. Qurumsaq Namaz yarısını indi məndən istəyəcək. Qələt eləyir! Nə qayırıbdır ki, yarısını ona verim! Bəlkə sandıqların içindəki tirmə şaldır ya padşahlıq puludur? Tez bir baxım, görüm nə var? (Yavuqlaşır sandıqlara). Sandıqda deyəsən bir zad təpənir. (Sandığın qapağın qalxızır, birdən bir meymun sandıqdan dişqarı sıçrayır). Allahu əkbər, bu nədir? Sandıqda meymun nə qayırır? Belə də sövdəgər malı olurmu? Belə zibil ilə alış-veriş edən sövdəgərlər də dünyada varmış? (Meymun ona dişin qıcıdır). Ax köpək oğlunun malı, nə mənə dişin qıcıdırsan? (Meymun onun təqlidin gətirir). Bax, bax mənim təqlidimi gətirir! Yaxşı oldu, bunu Pərzada peşkəş aparram. Qoy bunu görsün, sevinsin. Necə tutum? Ey, meymun, qorxma, yaxın gəl! (Yeriyir meymuna sarı; meymun qabağından tullanır). Bax, bax, köpək oğlunun malı, az qalmışdı mənə toxuna! Yavaş, mən gör necə səni tuturam! (Qaçır meymunun dalısınca; meymun qabağından o yana-bu yana tullanır; sonra ağaca çıxır; başlayır onun təqlidini gətirməyə). Bax, bax, fikri budur ki, mən onun dalısınca aqaca çıxam. Necə şeytan meymundur! Of, qəribə yoruldum, bu necə sarsaq sövdəgər imiş ki, meymunu arabaya qoyub gəzdirir? Mən elə bildim, bu evi yıxılmış ağıllı-başlı mal aparır satmağa, üstünə düşüb soyduq. Mən nə bilim ki, o belə nadürüst imiş ki, bizim oxumuzu boşa çıxartdı. Necə ürəyim darıxır! Amma əliboş evə qayıtmaq olmaz. Görüm o birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. Qapağı da nə yekədir? (Qapağın sındırır) Ax, pərvərdigara, nə xırıltı gəlir! (Qapağı qalxızır, bir ayı çıxıb, onu süpürrəyir). Ey vay, ayı! Ay Namaz! Ay Zalxa! Ay Pərzad! Evim yıxıldı! Ay haray, ay aman! Kömək edin, ay Allahı sevən, dadıma yetişin! Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam! Tövbə olsun, tövbə, tövbə! Of, Alalh, sən qurtar! Allah, sən dada yetiş! Heç vaxt belə yola dəxi getmənəm. Ayı onun üzün cırıb yıxır yerə, sıçrayır, belinə, başlayır övkələməyə, boğmağa. Bu halda Bayram təpənin üstündə zahir olur. Bayram. Nə səs gəlir? Yəqin ayı adam boğur. T a r v e r d i (qaim səslə). Ay Allahı sevən, kömək elə, məni qurtar!! Bayram tüfəngi üzünə götürüb ayını nişana edir, atır. Tüfəng boşalanda güllə ayını Tarverdinin üstündən tullayır. Ayı tez qalxıb tüstü sarı yüyürür, girir kola, gözdən itir. T a r v e r d i (yerdə yıxılmış). Ay Allah, görəsən güllə mənə dəymədi ki? Xeyr, inşallah dəyməyibdir. Durum qaçım. (Tez qalxıb qaçır). Bayram (enib, arabaya yaxın gəlir). Bu nə arabadır? Bu ayı, bu adam bura haradan düşmüşdür? Mən belə bilirəm ki, ayını yaraladım, qan iz salıbdır. Ayı görəsən hara getdi? Bəs o qurtardığım adam necə oldu? Bu halda divanbəyi, kazaklar və dilmanc hazır olurlar. D i v a n b ə y i . Genə quldurluğa başlayıblar. Ay kazaklar, ikiniz bu yerlərə baxın, ikiniz atları tutun! O qalanınız bu qoçağı bağlasın! Bayram. Məni bağlasınlar! Allahı sevirsən, belə buyurma, mənim nə təqsirim var?! Divanbəyi. Necə təqsirin yoxdur? Bəs bu sınmış sandıqlar, soyulmuş araba, tüfəng atılmaq təqsir deyil? Nə vaxtadək zakona müxalifət edəcəksiniz, ümənayi-dövlətin əmrindən çıxacaqsınız? Nə qədər ağlınız və fikriniz az olsa da, barı başa düşün ki, rus dövləti sizi ləzgidən və qaçaqlardan mühafizat edir.4 Barı bu işin şükranəsinə nizama tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız? Eh, səninlə danışmağın nə faydası var! Hanı sənin yoldaşların? Bayram. Mənim heç yoldaşım yoxdur! D i v a n b ə y i . Bu arabanın atları hanı? Bayram. Bilmirəm. D i v a n b ə y i . Köhnə peşənizdir; bilmirəm, görməmişəm! Sən belə xəyal edirsən ki, “bilmirəm” deməklə canını qurtaracaqsan? Bayram. Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim. Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. Mən bundan başqa bir zad etməmişəm. D i v a n b ə y i . Bəli, yaxşı danışırsan. Istəyirsən ki, bu sözlər ilə məni başdan çıxarasan? Iş aşikardır, sən tutulubsan təqsir vaqe olan yerdə. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən! Bayram. Mən həqiqəti ərz elədim. D i v a n b ə y i . Oğlan, mənim sənə yazığım gəlir. Görükür ki, bir cavan, xoşsurət oğlansan. Bilirsən ki, yaraq və əsbabla tutulan quldura nə tənbih, nə nəsəq var? Bayram. Əlbəttə, bilirəm? Tənbihi dar ağacıdır. D i v a n b ə y i . Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, barı ata və anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi? Bayram. Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa ki, bir sevgilim var. D i v a n b ə y i . Bəs boynuna götürürsən? Bayram. Mənim heç təqsirim yoxdur ki, boynuma götürüm. D i v a n b ə y i . Mən belə munkir adam görməmişəm. Uşaqlar, bunun qollarını bərk dalısında bağlayın! Muğayat olun ki, qaçmasın, yoxsa siz cavab verəcəksiniz! Oğlan, obanız burdan nə qədər olar? Bayram. Bir ağac. D i v a n b ə y i . Biz ora gedirik. Gərəkdir tez işi isti ikən həqiqət eləmək; amma hələ gərək bir dəftərxanaya getmək. Allaha şükür, iş o qədər var ki, bilmirsən hansını qurtarasan. Dilmanc hardadır? Di lma n c . Burdayam, ağa! D i v a n b ə y i . Gedək. Allah, bu necə qulluqdur? Gərək hamı zada cavab verəsən. Hər gün canından keçəsən. Amma bu axmaqlar genə anlamırlar ki, bulardan ötrü bu əzabı çəkirik. Yasavullar, gətirin bu oğlanı mənim dalımca! Hamısı gedirlər. Bundan sonra məclis xali qalır. Meymun ağacdan enir, başlayır tullanmağa, bir azdan gözdən itir. Pərdə salınır * * * Üçümcü məclis ÜÇÜMCÜ MƏCLİS Üçümcü məclis vaqe olur Şəmsəddin mahalında, obada, alaçığın içində. Tarverdi başı bağlı və Koxa və Məşədi Qurban və Nəcəf və Namaz və başqa tərəkəmələr oturublar. Nəcəf. Tarverdi, de görək sənin başına nə iş gəlib, kim səni yaralayıbdır? T a r v e r d i . A başına dönüm, mən, Vəli, Oruc arana taxıl sulamağa çıxmışdıq. Tavus dərəsində arabaya rast gəldik. Vəli dedi ki, mən Oruc ilə bu arabanın adamlarını zarafat edib qorxudacağam; tüfəng atdılar, guya adamlar qaçdı, araba qaldı. Vəli, Oruc getdilər araba atlarını gətirələr, mən arabadakı sandıqlara yavuq gedəndə əvvəl qabağıma bir meymun çıxdı, sonra sandıqdan bir ayı qalxıb məni basdı, öldürürdü. Birdən tüfəng atıldı. Ayı məni buraxdı. Durub qaçdım. Sonra nə arabadan, nə atlardan bir əsər görmədik; bilmirəm bu nə sirdir?! Nəcəf. Nə sirr olacaq! Tavus dərəsi əcinnə yeridir, şəyatin yığınağına rast gəlibsiniz, başqa bir şey deyil. Çaharşənbə günümü yola çıxmışdınız? T a r v e r d i . Bəli! Tərəkəmələr. Şəksiz şəyatin yığınağına rast gəliblər. Yoxsa, meymun, ayı arabada nə qayırır? Nəcəf. Amma, Tarverdi, sən yaralısan, dur burdan get, divanbəyi bura gələcək, görək bizim ilə nə sözü var. Tarverdi gedir. Bu halda divanbəyi yetişir. Hamı durur ayaq üstünə. Divanbəyi (kürsü üstə oturub). Koxa, sən rus dilini bilirsən? De görüm, bu adamlar kimdir? Koxa. Bular obanın adamlarıdır. Bu Namazdır, bu Nəcəfdir, bu da Məşədi Qurbandır ki, bir dövlətli, hörmətli kişidir. D i v a n b ə y i . Çox lazımdır onun dövləti! Allah qoysa dövlətliləri tanıtmağa mə sizə tərgidərəm. (Üzün dilmanca tutub) Kamalov, buları tərtib ilə hər kəsin mərtəbəsinə görə cərgəyə düz. Hansının mərtəbəsi artıqdır? Di lma n c . Ağa, gərək bular hamısı elə bir mərtəbədədirlər. D i v a n b ə y i . Xub, hansı ağıllı hesab olunur? Di lma n c . Belə bilirəm ki, hamısı elə bir ağılda olmuş olalar. D i v a n b ə y i . Pərvərdigara, axır birisi, əlbəttə, o birilərinə görə söz qanan, danışan olacaqdır ki, ona mütəvəcceh olub söz soruşam. Hamısı ilə ki, birdən danışmaq olmaz! Di lma n c . O surətdə gərək Nəcəf o birilərindən söz qanan, danışan olsun, çünki rusicə də bir az bilir. D i v a n b ə y i . Xub, Nəcəfi başda qoy. Dilmanc Nəcəfi başda qoyur. D i v a n b ə y i . A kişi, sözün axırınadək qulaq as, sonra cavab ver. Nəcəf. Baş üstə, ağa! D i v a n b ə y i (qoltuğunda bir kağız çıxardıb). Məmləkəti-xaricə əhlindən cənab Fok hafizi-canəvaran,5 mənə ərizə veribdir ki, o, israğa gün Tiflis yolundan öz canəvərləri ilə gəlirmiş; bir az arabadan geri qalmış imiş; ittifaqən arabanın üstünə bir neçə quldur tökülüb, arabada bir Yengi Dünya ayısı, bir Brazil meymunu, iki böyük kaftar və başqa canəvərlər dəxi varmış. Quldurlar atdıqları tüfənglərin gülləsindən araba atının birisi ölüb, Yengi Dünya ayısı yaralanıb, meymun qaçıb itibdir və güman gedir ki, arabada olan şeylər də qarət olubdur. Ayını yaralı kolluqdan tapdırmışam; quldurlardan birisi də tutulub, indi sərih xəbərlərə görə məlum olur ki, bu iş ittifaq düşən gündə üç atlını yaraqlı-əsbablı sizin obanızdan aşağı gedəndə görüblər. Bişək olar sizin uşaqlardandır. Gərək oları bu saatda mənə verəsiniz. Yoxsa sizi bədbəxt eylərəm. Nəcəf. Ağa, sən bir ağıllı adamsan ki, bu yekə mahalı sənə tapşırıblar. Düşmənlər sənin qulluğuna xilaf ərz ediblər. Sən gərək heç vaxtda belə quru nağıllara inanmayasan! D i v a n b ə y i . Necə quru nağıl? Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? Nəcəf. Ağa, həqiqəti məndən soruş, doğruluq ilə ərz edim. D i v a n b ə y i . De, mən də elə onu istirəm. Nəcəf. Bizim obanın uşaqlarından bir neçəsi çaharşənbə günü arana taxıl sulamağa getmişdilər. Şəyatin yığınağına rast gəliblər. Şəyatinlər arabada gedirmişlər; bular axmaqlıq edib, araba sarı tüfəng atıblar ki, cinlər qorxub qaçsınlar. Gərək idi bismillah deyəydilər, cinlərin acığı tutub, çün hər şəklə dönə bilirlər, ayı şəklinə düşüb, buların üstünə tökülüb dişləyiblər. Indi bizim düşmənlərimiz bunu bir nağıl qayırıb, cinlərin böyügünə Poq adını qoyub, səni başdan çızardırlar. D i v a n b ə y i (acıqlanmış rus dilincə). A kişi, nə qozqurursan? Nəcəf (üzün dilmanca tutub). Anlamıram, ağa nə buyurur? Di lma n c . Divanbəyi buyurur ki, sizdə qoz, fındıq çox olurmu? Nəcəf (dilmanca). A başına dönüm, divanbəyiyə ərz elə ki, elə bu dərənin adına Fındıqlı dərəsi deyirlər. Qozun, fındığın mədənidir. Allah qoysa, qoz çırpılanda, fındıq dəriləndə çuval-çuval qulluğuna gətirrik. Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə. Dilmanc (divanbəyiyə rusicə). Ağa, Nəcəf ərz edir ki, qoz-fındıq vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər və layiqincə yolunuza baxacaqlar. D i v a n b ə y i (acıqlı). Kişi, nə pərpuçat danışırsan?! Qoz-fındığı mən nə eyləyəcəyəm? Mənim yolumun nəyinə baxacaqsan? Mənim özüm, gəldiyim yola səndən də yaxşı baxmışam; Bələdə ehtiyacım yoxdur, quldurları verin! Nəcəf. Necə quldur, ağa? D i v a n b ə y i . Necə, necə quldur? Bir saatdır səninlə danışıram, genə soruşursan necə quldur? Nəcəf. Axır mən də qulluğuna ərz elədim, ağa ki, uşaqlar heç kimin üstünə tökülmüyüblər, ancaq şəyatin yığnağına rast gəliblər. D i v a n b ə y i . Sən məhz cəfəngiyyat danışırsan? Nə c ə f . Ağa, sən dünya görübsən, heç ayının, meymunun, kaftarın, çaqqalın arabaya minib şəhərdən-şəhərə səyahət etdiyini eşidibsənmi? D i v a n b ə y i . Məgər mən dedim ki, ayılar, meymunlar arabaya minmişdilər. Nəcəf. Bəs sən necə dedin, ağa? D i v a n b ə y i . Mən dedim ki, oların hafizi səyahət edirdi. Nəcəf. Arabada? D i v a n b ə y i . Bəli. Nəcəf. Yalqız? D i v a n b ə y i . Xeyr, öz canəvərləri ilə. Nəcəf. Məgər o canəvərlər padşahıdır? Divanbəyi. Sənə lazım deyil hər sualı eləmək, ağlına zor vermək. Nəcəf. Mən ağlıma zor vermirəm, amma ayı və meymun arabaya minib səyahətə çıxmaz! Şəyatin imişlər, bu şəkildə görüküblər. D i v a n b ə y i . Pərvərdigara, bular necə tayfadırlar! Di gəl, bulara mətləb qandır! Bayram boynuna heç zad götürmür, bular da məni aşkara istəyirlər müştəbeh etsinlər. Xub, o şəyatin yığınağına rast gələn uşaqları mənə göstərin! Nəcəf. Nə eləyəcəksən, ağa? D i v a n b ə y i . Olar mənə lazımdır! Namaz. Ağa, düşmənlərin sözü ilə bizi böhtana salma! D i v a n b ə y i . Hansı düşmənlərin? Namaz. Dörd çevrəmizdəki Əmirli tamam bizə düşməndir. D i v a n b ə y i . A canım, aşağı düşən atlıların xəbərin mənə tatarlar verməyiblər, malağanlar söyləyiblər. Namaz. Malağanlar bizə hamıdan çox düşməndirlər. Həmişə bizim ilə oların arasında yer üstə, torpaq üstə cəngü cədəl olacaq. Indi məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək oların işi imiş. Müsəlman başında belə şeytan fikri olmaz. Bundan sonra malağanlara tov tutmaq – baş üstə! D i v a n b ə y i . Cəhənnəmə, hələ indi quldurları Verin, sonra hər nə bilirsiniz edin! Nəcəf. Ağa, yox yerdən quldur ki qayırıb verə bilmərik. Bizim uşaqlar bir adam soymuyublar! D i v a n b ə y i . Kamalov, mən nə çarə edim? Doğrudan, bular mən dediyim sözlərə inanmırlar? Di lma n c . Vallah, ağa bir tük qədəri də inanmırlar. Divanbəyi (üzün kazaka tutub). Matvey, get yasavullara de ki, o ayını çəkə-çəkə bura gətirsinlər. Kazak. Baş üstə. (Gedir). Divanbəyi (Nəcəfə). Mən indi isbat edərəm ki, dediyim sözlər doğrudur, malağanlar qayırmayıblar. Nəcəf. Ağa, əbəs yerə zəhmət çəkməyin! Yox zadın nəyin isbat edəcəksiniz? Bu halda yasavullar ayını gətirirlər. Divanbəyi (dilmanca). Kamalov, de ki, budur dəlil ki, mən boş söyləmirdim. Dilmanc (ayı tərəfə işarə edib). Divanbəyi buyurur ki, budur şahid ki, mən boş nağıl söyləmirdim. Nəcəf. Xub, bu şahid ədayi-şəhadət eləsin görək. Dilmanc (divanbəyiyə). Ağa, ərz edir ki, ayı ədayi-şəhadət eləsin görək Divanbəyi (tündləşib). Məgər ayı ədayi-şəhadət edə bilər? Fu, Kamalov, sən axmaq da bunu mənə deyirsən? Məgər özün cavab verə bilmirsən? Matvey, sən türkicə bilirsənmi? Kazak (qaim sövt ilə). Hərgiz bilmirəm, ağa! D i v a n b ə y i . Kazaklardan bilən varmı? Kazak. Hərgiz bilən yoxdur. Iyirmi birinci nomerin fövcündən kazak Sotnikov türkicə öyrənmək istir. D i v a n b ə y i . Kəs səsini, çox lazımdır ki, o öyrənmək istir. (Üzün Nəcəfə tutub). A canım, ayı necə ədayi-şəhadət edə bilər? Nəcəf. Biz ki, demirik, ağa! Siz özünüz ayını bizim ilə üzdəşdirməyə gətirdiniz. Şəmsəddinin meşələrində ayı çox: hər kəs birini tuta bilər. Bundan lazım gəlməz ki, ayılar, meymunlar arabaya minib ölkələr gəzsinlər. D i v a n b ə y i . Indi quldurları nişan verməyəcəksiniz? Namaz. Ağa, necə, quldup var ki, nişan verək? D i v a n b ə y i . Quldurların izi açılıbdır, mən oları tutmağa çarə taparam. Amma sizin üçün çox yaman keçəcək. Nəcəf. Əlhökmü lillah, təqdiri-qəzadan qaçmaq olmaz! D i v a n b ə y i . Di bəs itilin gözümün önündən. Bu qədər vaxt əbəs yerə siz ilə vaxtımı itirdim, mən özüm billəm ki, nə elərəm. Hamısı çölə çıxırlar. D i v a n b ə y i . Mən nə çarə edim? Zahirən görünür ki, Bayram müqəssir deyil, əgərçi güzariş onun təqsirinə çox dəlalət edir. Ey Koxa, sən o şəyatin yığınağına rast gələn uşaqları tanıyırsanmı? Koxa. Tanımıram, ağa! D i v a n b ə y i . Eşitməmisən ki, kimdirlər? Koxa. Biz tərəkəmə adamıq, ağa! Hardan eşidəcəyik. D i v a n b ə y i . Oları axtarıb tapmaq olarmı? Koxa. Hardan tapacaqsınız? Bizim uşaqlar tamam qaçıb gizləniblər. D i v a n b ə y i . Əgər təqsirli deyillər, niyə qaçıb gizləniblər? Koxa. Arvadlar tamam alaçığın dalısından qulaq asırdılar. Əlbəttə, xəbər veriblər ki, divanbəyi şəyatin yığınağına rast gələnləri tutmaq istir. Qorxularından qaçmazlarmı? D i v a n b ə y i . Yaxşı, sən də get! Bu tövr danışmaq ilə heç bir zad açılmaz. Hamısı deyəcəkdilər ki, bir zad bilmirik, bir zad anlamırıq, heç bir tərəfə getməmişik. Nə çarə eləmək? Kazaklar, dustağı bura gətirin! (Kazaklar Bayramı qolu bağlı hazır edirlər). Sənin təqsirsiz olmağına nə isbatın var? Bayram. Ağa, siz vilayət görübsünüz, bir fikir edin ki, mən yalqız adam soymağa çıxa bilərəmmi? D i v a n b ə y i . Di bəs niyə yoldaşlarını demirsən? Bayram. Axır mən deyirəm ki, yoldaşlarım yoxdur! D i v a n b ə y i . Var imiş, səni qoyub qaçıblar! Bayram. Heç vaxt elə iş quldurluq ilə düz gəlməz. Ağa, quldur çarəsi üzülənədək yoldaşlarını buraxıb getməz. Yol kəsəndən sonra bir-birlərindən ayrılmazlar. Bir də, siz bunu hardan biləcəksiniz? Siz, yəqin ki, heç quldurluğa getməyibsiniz! D i v a n b ə y i . Amma mən çox quldur tutmuşam, əgərçi quldurluğa getməmişəm; bilirəm ki, doğru deyirsən. Bayram. Ağa, əgər mən təqsirli olsaydım, bizim adətə görə, döyüşməmiş tutulmazdım. D i v a n b ə y i . Doğru deyirsən, bəs kimdir təqsirli? Bayram. Dürüst bilmirəm: əgər bilsəydim, demək çox çətin olardı. D i v a n b ə y i . Niyə? Bayram. Ondan ötrü ki, adam necə tay-tuşunu ələ verə bilər? D i v a n b ə y i . Bəs yalqız sən bədbəxt olacaqsan? Mənim sənə yazığım gəlir, amma çarə yoxdur. Bir ərzin, sözün vardırmı? Bayram. Ağa, bir ərzim var, əgər qəbul edəsiniz. D i v a n b ə y i . De görüm nədir? Bayram. Bilmirəm cürət edimmi? D i v a n b ə y i . Niyə cürət edə bilmirsən? De görüm? Bayram. Ağa, mən istirəm ki, əgər izin verərsiniz, halallaşam. D i v a n b ə y i . Atan ilə? Bayram (qısılmış). Xeyr. D i v a n b ə y i . Qohumlarınla? Bayram. Xeyr, amma əgər mümkün olmasa, ixtiyar sizindir. Divanbəyi (üzün kənara tutub). Bu fəqirin görəsən dərdi nədir? (Sonra Bayrama mütəvəcceh olub). Söz ver ki, hərgiz qaçmasan, rüsxət verrəm. Bayram. Allaha and olsun ki, heç vaxt qaçmanam! D i v a n b ə y i . Ey, yasavul Kərim, aç bunun qollarını, yanında otur ki, qaçmasın. Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb quldurları axtarmaq üçün binagüzarlıq edəm və lazımdır ki, nemsə Fok özü də hazır olsun! Di lma n c . Bəli, ağa, gedək! Çıxıb gedirlər, sonra Bayram Kərimə Bayram. Divanbəyi əcəb adam imiş. Amma bilmir ki, mən səninlə köhnə dostam. Kərim. Yəni bunu deməkdən qərəzin nədir? Istirsən ki, mən səni boşlayam qaçasan? Bayram. Xeyr, mən divanbəyiyə söz vermişəm, heç yerə qaçmanam. Ayrı mətləbim var. Kərim. Mətləbin nədir? Bayram. Təvəqqə edirəm ki, tez bir Zalxanın yanına özünü salıb mənim əhvalatımı deyəsən. Kərim. Namaz arvadı Zalxanın yanına? Bayram. Bəli. Kərim. Əhvalatı ona söyləyim? Bayram. Bəli. Kərim. Dəxi başqa söz? Bayram. Başqa bir söz yoxdur. Kərim. Yaxşı gedirəm (Üzün kənara tutub). Qəribə adamdır. Qaçsa qaçar ey! (Gedir). Bayram (yalqız). Ay Allah, Zalxa anlayacaqdırmı? Mətləbi başa düşəcəkdirmi? Bir də Pərzadın üzünü görəcəyəmmi? Zalxa hiyləgər arvaddır. Ona bel bağlamaq olarmı? Ox, Allah, kərəminə şükür! Pərzad gəlir. Bu halda Pərzad içəri girir. Zalxa uzaqdan pusur. Bayram. Ax, mənim maralım, mənim ceyranım! Bu sənsənmi gəlibsən! Qoy bir səni bağrıma basım! A başına dönüm, qoy bir doyunca səni görüm. Indi ki, səni gördüm, tamam dərd-qəmim yadımdan çıxdı. A qadan alım, niyə ağlayırsan? A gözümün işığı, mənim sarıdan yoxsa qorxursan? Qorxma, haqq aşkar olar, mən qurtarram. P ə r z a d . Sən qurtaranadək iş işdən keçər. Niyə sən tutulubsan? Niyə sənə təqsirsiz bu müsibət üz veribdir? Bayram. Mənim başqa təqsirim yoxdur. Özgiyə quyu qazan özü düşər. Mən özgiyə quyu qazdım, özüm düşdüm. Indi sən istirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? Tarverdini nişan verim? P ə r z a d . Nişan ver, mən ondan cana doymuşam! Bayram. Heç dərd eləmə! Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm. P ə r z a d . Ax, Bayram, mənim dəxi bəxtəvər olmağım getdi. Qara gün çox yaxınlaşıbdır. Bayram. Bu nə deməkdir? Pərzad, nə söyləyirsən? Niyə ağlayırsan? De görüm, sən tarı, necə qara gün yaxınlaşıbdır? P ə r z a d . Iş-işdən keçibdir. Toy tədarükü hazır olubdur. Əmimin buyruğunu mənə bildiriblər. Bir gündən sonra mənim toyum başlanacaq. Bayram (çığıırb). Səni Tarverdiyə verirlər? Allah, divan elə! Pərvərdigara, bu necə işdir?! Bu zalım məni hər tərəfdən bədbəxt edəcək. Vallah, ya onu öldürrəm, ya özüm ölümə gedərəm! P ə r z a d . Mən də, şübhəsiz, öləcəyəm; mən heç vaxt Tarverdiyə arvad olmanam. Bu halda Pərzadın qayınanası və başqa tərəkəmələr daxil olurlar. Sona (Pərzadın qayınanası). A qız, ay utanmaz, sənin burada nə işin var? Sən bu yad yerə, yad adam yanına niyə gəlibsən?! Çıx çölə, cönnəmərg olmuş! Çölə çıx! Bu halda Kərim yetişib Kərim. Ay arvad, kəs səsin, heç vaxt qoymanam ki, sən o qızı burdan çıxardasan. O, Tarverdini sevmir, güclə onu heç vaxt ona verə bilməzsiniz. Qız Bayramındır! Məşədi Qurban. Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? O mənim qardaşım qızıdır, ixtiyarı məndədir, hər kəsə istərəm verrəm. Artıq-artıq söyləmə! Kərim. Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! Məşədi Qurban. Mən sənə bildirrəm ki, böyüklük edə biləlləm, ya yox! A qız, gəl çıx çölə! Kərim. Görüm necə bildirirsən! A qız, tərpənmə, yerində dur! Görüm səni divanbəyinin yasavulunun əlindən kim alıb aparacaq! Məşədi Qurban. Divanbəyi ilə bizi qorxutma! Bağırsaqlarını ayağına dolaşdırram. Xançalı siyirir, irəli yeriyir. Kərim də xançal çəkir, bir-birinin üstünə hücum edirlər. Qalmaqal düşür, tərəkəmələr aralığa düşüb ayırırlar. Bu halda Tarverdi başı sarınmış yetişir. T a r v e r d i . Mənim adaxlımı kimin həddi var burda saxlasın? Hamını vallah burda qırram, tikə-tikə doğraram! Xalq onun qabağın əyliyir. T a r v e r d i . Qoyun məni, vallah, hamını tikə-tikə doğrayacağam! Koxa. A Tarverdi, nə danışırsan? Divanbəyinin yasavulun istirsən doğrayasan? T a r v e r d i . Divanbəyinin yasavulu nə böyük adamdır! Mən divanbəyidən də, qubernatordan da, naçalnikdən də qorxmuram! Of, yaranın yeri nə pis ağrıyır, deyəsən kəsirlər. Məşədi Qurban. Ay arvadlar, dəxi qalmaqal eləməyin, çıxın çölə! Bayram (yavaş Pərzada). Pərzad, hələ sən də get, görək necə edirik. Divanbəyi gələndə ərz edəcəyəm. Bu halda divanbəyi yetişir. Divanbəyi (qaim sövt ilə). Qılıncları qınından çıxardın, heç kəsi qoymuyun yerindən tərpənməyə! Sükut olunur. D i v a n b ə y i . Cənab Fok, yaxın gəl! Bax görək, o meşədə sənə rast gələn adamı buların içində tanıya bilərsənmi? F o k . Baş üstə, cənab divanbəyi, mən baxım görüm. Başlayır adamların bir-bir üzünə baxmağa. Tarverdi dalısını ona çevirir. Fok onun qolundan yapışır. T a r v e r d i . A kişi, məni niyə tutursan? F o k . Üzünü bəri çevir, çənəni niyə bağlayıbsan? T a r v e r d i . Dişim ağrıyır. Fok (onun üzünə baxıb). Ağa divanbəyi, bu haman adamdır! T a r v e r d i . Ağa, yalan deyir! Mən iki aydır azarlıyam, üç ildir naçağam! D i v a n b ə y i . Bu saatda məlum olar (onun başından dəsmalı dartıb yerə salır). Üzündəki yara yerləri nədir? T a r v e r d i . Ağa, mənim dişim ağrıyır, həcəmət qoydurmuşam. D i v a n b ə y i . Xeyr, əzizim, bu, ayının dırnaqlarının yeridir. Kazaklar, bağlayın bunun qollarını! T a r v e r d i (onun ayağına döşənib). Ağa, vallah, mən bundan əvvəl heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm. Kazaklar Tarverdinin qolunu bağlamaq istirlər. Məşədi Qurban. Ay aman, qoymuyun! Mənim gözümün ağıqarası bir oğlum var! Tərəkəmələr, arvadlar yeriyirlər Tarverdini kazakların əlindən almağa. D i v a n b ə y i (tez tapançasın yuxarı qalxızıb). Hər kəs ayaq irəli qoysa, qarnın tüstü ilə dolduracağam. Hamı tərəkəmələr, arvadlar geri çəkilirlər. D i v a n b ə y i (kazaklara). Bağlayın bunu qolların! Kazaklar Tarverdinin qollarını bağlayırlar. D i v a n b ə y i . Bayram, sən azadsan! Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın! D i v a n b ə y i . Necə təqsirlisən? Nə danışırsan? Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim. D i v a n b ə y i . Niyə? Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın. D i v a n b ə y i . Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib) Bayram. Bəli, budur, başına dönüm! T a r v e r d i . Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, quldurluğa getdim. D i v a n b ə y i . Axmaq, sənə qorxaq deyəndə nə olacaq idi ki, özünü xataya saldın? T a r v e r d i . A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim. D i v a n b ə y i . Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə! Kamalov, qızdan soruş ki, bu oğlanların hansına getmək istirsən? Dilmanc qızdan soruşur. Pərzad (dilmanca). Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm! Dilmanc (divanbəyə). Qız Tarverdini sevmir. D i v a n b ə y i . Bəs məlumdur ki, Bayrama getmək istir. Məşədi Qurban, əl çək bu qızdan, qoy getsin Bayrama! Görükür ki, qoçaq oğlandır. Mən də onu özümə yasavul edərəm, sizin də vecinizə gələr. Məşədi Qurban. A başına dönüm, istəmədim, əl çəkdim, təki mənim oğlumu xatadan qurtar. D i v a n b ə y i . Cənab Fok, razısanmı bu işi sülh ilə qurtarasan? F o k . Necə sülh ilə, ağa? D i v a n b ə y i . Yəni pul alıb bu adamdan əl çəkəsən. F o k . Pul alıb əl çəkəm? Baş üstə, ağa divanbəyi, pul almağa razıyam. Çox razıyam! D i v a n b ə y i (Məşədi Qurbana). Məşədi, sənin oğlun təqsirlidir. Mən eləyə bilmənəm ki, bu işi örtəm, basıram. Amma bu nemsəni sən razı edəndən sonra mən bir bəhanə gətirib, ümənayi-dövlətdən təvəqqə edəcəyəm ki, Tarverdini bağışlasınlar. Bişək bağışlanar! T a r v e r d i . Ağa, nə bəhanə göstərəcəksiniz? D i v a n b ə y i . Yazacağam ki, axmaqlığın ucundan bu iş səndən baş veribdir. T a r v e r d i (baş əyib). Bəli, ağa, elədir, başına dönüm! D i v a n b ə y i . Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsiniz! Sizə eybdir yaman işlərə qoşulmaq. Pərdə salınır Tamam olur * * * == Mürafiə vəkillərinin hekayəti == Mürafiə vəkillərinin hekayəti (ŞƏHRİ-TƏBRİZDƏ) Təmsili-guzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. Əfradi-əhli-məcalis Səkinəxanım – mərhum Hacı Qafu- AğaKərim – miyançı, dəllalbaşı. run bacısı, on səkkiz yaşında, qız. Dördnəfərsərbaz – Bədəl və Gülsəba – onun qaravaşı. Qəhrəman və Qəffar və Nəzər adlı. Əzizbəy – onun sevgilisi və adaxlısı. HacıRəcəbəli – darugeyi-bazari- Zeynəb – Hacı Qafurun mütə siğəsilə Təbriz, dörd nəfər əmələsi ilə – Həp o olan arvadı. və Şeyda və Qurbanəli və Hənifə adlı. Yeddiaylıqtifil – onun oğlu. Hakimi - şər. AğaAbbas – onun qardaşı. Haşiyənişinani-məhkəmeyi-mürafiə – Zübeydə – Səkinə xanımın bibisi. Ağa Rəhim və Ağa Cabbar və Ağa AğaHəsən – tacir. Bəşir və Ağa Səttar adlı. AğaMərdan – vəkili-mürafiə, hal- Şahzadəninfərraşı – Nəsir. vaçı oğlu. Hakimi - şərinnökəri – Əsəd. AğaSəlman – vəkili-mürafiə, ələkçi Şahzadənin fərraşbaşısı. oğlu. * * * Əvvəlimci məclis Əvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani çağırır. Səkinəxanım. Gülsəba, Gülsəba, huy! Gülsəba (daxil olur). Nə buyurursan, xanım? Səkinəxanım. Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? Gülsəba. Xeyr, xanım, bilmirəm. Səkinəxanım. Hakimi-şərə adam göndərib bildiribdir ki, qardaşından qalan pulları mənə verməsin ki, mənim ilə onun davası var; o pul gərək ona yetişə. Gülsəba, belə iş olurmu? Vallah, mən bilmirəm ki, tarı yanında nə günahın sahibiyəm ki, həmişə bir səbəb düşər, mənim bəxtim bağlanar. Gülsəba. Xanım, nə cəhət belə güman edirsən? Səkinəxanım. Gülsəba, özün bilirsən ki, mən Əziz bəydən ötrü biixtiyaram. Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin; vermədi ki, əhli-zələmə oğludur. İndi ki, qardaşım ölüb, ixtiyarım düşüb öz əlimə; istirdim ki, qardaşımdan qalan pulu alıb, tədarükümü görüb arzuma çatam. Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb, pulun yetişməyini təxirə saldı. Gərək indi dava çəkməyə məşğul olam. Gülsəba. Xanım, qardaşın arvadının məgər irsdə payı var? Səkinəxanım. Xeyr, heç payı yoxdur. O, qardaşıma kəbinli arvad deyildi ki, irs apara. Övladı yoxdu ki, irsə şərik ola. Heç bilmirəm ki, nə səbəbə mən müddəi çıxıbdır? Gülsəba. Xanım, inşallah bir iş bacara bilməz. Mənə bir nəzir elə dua edim, Allah tez sənin bu işinə feysəl versin, arzuna yetirsin. Səkinəxanım. Nə nəzir edim? Gülsəba. Nəzir elə ki, işin tamam olub pul yetişsə, mənim də toy xarcımı çəkib ərə verəsən. Səkinəxanım. Çox yaxşı, dua elə, davamız tez qurtarsın, səni də ərə verrəm. İndi dur, get Əziz bəyi bura çağır, görüm bu işə nə bina qoyur. Hakimişər adam göndərib mənə xəbər edibdir ki, vəkil tutub mürafiəyə göndərim. İndi Əziz bəydən başqa mənim bir adamım yoxdur. Biz Təbrizdə qəribik, əgərçi, bir bibim var; amma arvad tayfasının əlindən nə iş gələcək? Gülsəba tez çölə çıxıb geri qayıdır. Gülsəba. Əziz bəy özü gəlir. Səkinə xanım pəncərəni salır, bu halda Əziz bəy içəri girir. Əzizbəy (tünd). Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin! Səkinəxanım (təəccüblə). Əziz bəy, məgər nə vaqe olubdur acıqlanmısan? Əzizbəy. Səkinə xanım, sən bilirsən ki, mən iki ildir məktəbdən çıxıb, sənin dərdi-eşqinə giriftar olub Təbrizdən ayaq bir yana qoya bilməmişəm! Nə qədər ki, sənin qardaşın mənə sitəm edib məni səndən uzaq eləməyə çalışırdı, o qədər mənim məhəbbətim artıb, onun cövr və cəfasına səbr edib dayanmışam; bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki, vüslət zamanı yaxınlaşıb, arzuma çatmaq ümidilə xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər. Səkinəxanım. Nə danışırsan? Vazeh danış görüm mətləbin nədir? Anlamıram nə deyirsən? Əzizbəy. Necə anlamırsan? Məgər sənin xəbərin yoxdur? Dünən Ağa Həsən tacir malikütüccarın və kəndxudanın və Molla Bağırın arvadını bibin yanına elçi göndərib, səni xastkarlıq edibdir və bibin də söz veribdir ki, səni ona versin. Səkinəxanım. Bibim boş söyləyibdir. Kimdir onun sözünə baxan! Əzizbəy. Xeyr, bu sözlər ilə mən sakit olmanam. Ya gərək bu saatda bibini çağırdıb mənim qulağım eşidə-eşidə deyəsən ki, sən Ağa Həsənə getməyəcəksən, yainki gərək bu gün mən Ağa Həsəni öldürəm! Nə karədir bir arşın ölçən mənim adaxlıma göz tikə! Vallah bu saat gedib bu xəncər ilə onun bağırsaqlarını ayağına dolaram! Səkinəxanım. Çox yaxşı, mən bu saatda bibimi çağırdıb deyərəm ki, mən Ağa Həsənə gedən deyiləm. Bibim gələndə sən gir o biri otağa, öz qulağınla eşit. Gülsəba! Gülsəba. Bəli! Səkinəxanım. Gülsəba, get bibimi bura çağır! (Gülsəba gedir). Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? Əzizbəy. Nə işdən ötrü? Səkinəxanım. Necə nə işdən ötrü? Axır eşidibsən ki, qardaşım arvadı qardaşımdan qalan irsə müddəi çıxıb, məni mürafiəyə çağırır. Əzizbəy. Bəli, eşitmişəm! İndi ağlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o biri otağa. Səkinə xanımın bibisi Zübeydə içəri daxil olur. Səkinəxanım. Səlam-əleyk, bibi! Zübeydə. Əleykəssəlam, Səkinə! Nə qayırırsan, əhvalın yaxşıdırmı? Səkinəxanım. Yaxşı deyil, bibi! Sənə mən nə zaman izn vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. Zübeydə. Utan, utan! Qız uşağına yaraşmaz ki, böyüyünün yanında belə danışa! Sənin nə vecinə? Sənə ər lazımdır, hər kəsə verirlər, ona gedərsən! Səkinəxanım. Xeyr, danışacağam! Dəxi mən ixtiyarımı əldən verən deyiləm. Məni heç kəsə vermək olmaz. Zübeydə. Bəs, balam, ərə getməyəcəksən? Səkinəxanım. Yox! Zübeydə (təbəssüm ilə). Çox sənin kimiləri “Yox” deyibdir, amma genə gedibdir. Səkinəxanım. Mən zarafat eləmirəm, bibi! Vallah, mən Ağa Həsənə gedən deyiləm! Bu niyyətlərdən düş! Zübeydə. Olmaz, əzizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən. Səkinəxanım. Cəhənnəmə düşmən olsunlar! Ağa Həsəndən mənim zəhləm gedir! Zübeydə. Niyə? Səkinəxanım. Nadürüst adamdır! Zübeydə. Nadürüst adamdır özgələrinə. Bizə görə yaxşıdır. Ticarətdə səriştəsi var, dövləti var. Pul qazanmaqda zirəkdir. Təbrizin tamam mötəbərləri ilə aşna, dost və qohumdur. Dəxi bundan artıq əri hardan tapacaqsan? Səkinəxanım. Ağa Həsən istir məni başdan ayağadək cavarhirə də tuta, mən ona gedən deyiləm. Get ona bildir ki, bu niyyətdən düşsün! Zübeydə. Bu heç vaxt olan iş deyil! Sən nə karəsən ki, mənim sözümdən çıxasan? Kişi Təbrizin mütəşəxxis adamlarının arvadlarını mənim yanıma göndərmişdi. Mən uşaq deyiləm. Mənim ağlım qəbul elədi ki, ona getmək sənin məsləhətindir. Ona söz verdim. İndi istirsən ki, mənim Təbriz arvadlarının içində bir pulluq edəsən? Axır mənim də özümə görə adım, abrım var! Səkinəxanım. Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qara günlü edim? Qəribə təklif edirsən mənə, bibi! Vallah, istər aləm tufana gedə, mən Ağa Həsənə gedən deyiləm! Mən deyirəm ki, sən ona bildir ki, bu niyyətdən düşsün! Yoxsa, vallah, özüm onu çağırdıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm! Zübeydə (ikiəlli üzünı cırıb). Bıy, zamananız çevrilsin, ay qızlar! Üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axır qızlıq zamanımız var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandırki, Təbrizdə vəba və taun əskik olmur! Səkinəxanım. Xeyr, vəba və taun haramzadə kişilərin nadürüstlüyündəndir. O nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur! Yoxsa o məni sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı? Zübeydə. Qardaşın sağlığı bəlkə arvad almaq fikrində deyildi. Altmış min tümən nəqlin yaxşı yadıma saldın. Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar? Səkinəxanım. Niyə batır? Zübeydə. Ondan ötrü ki, o da gedər qardaşın arvadına kömək elər. Dostları və qohumları ilə onun işinə çalışar, sənin haqqını itirərlər. Səkinə xanım. Yaxşı imiş. Dəxi mən bilmirəm ki, bir mütə necə gəlib mənə irsdə şərik olacaq. Məgər ölkədə haqq və hesab yoxdur? Zübeydə. A balam, xalqın hiyləsindən nə baş açmaq olur? Hacı Rəhim arvadının Hacı Rəhimin dövlətində nə haqqı var idi ki, on iki min tümən pul, bir həmmam onun oğlu Ağa Rzadan alıb o arvada verdilər? Vəkili hiylə ilə bir hibənamə dürüst edib göstərdi ki, Hacı Rəhim sağlığında arvadına on iki min tümən, bir həmmam hibə edibdir. Beş-altı nəfər də bu xüsusda şəhadət elədi. Biçarə Ağa Rzadan çığırda-çıbırda o qədər pul aldılar, o arvada verdilər. Amma tamam Təbrizə məlum oldu ki, bu iş məhz hiylədir. Sən məgər Ağa Rzadan zorlusan ki, fəryadı heç bir yerə çatmadı? Təbrizin şeytan fikir vəkillərinin hiyləsindən heç baş çıxarmaq olurmu? Səkinəxanım. Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! Get ona bildir ki, qız razı olmur! Zübeydə. Səkinə, nə danışırsan? Mən sənin fikrini bilirəm! Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. Bizim qanımızı əhlizələmə qanına qarışdırasan. Belə iş heç bizim ocağımızda görükübdürmü? Mömin və müttəqi tacirin qızı nədir, əhli-zələməyə getdi nədir?! Səkinəxanım. Hamı Allah bəndəsidir. Əziz bəyin dədəsi əhli-zələmə idi; Özü ki, hələ divan qulluğuna girməyibdir? Nə məlumdur ki, o da əhli-zələmə olacaq? Zübeydə. Nə təfavütü? Nütfəsi ki, əhli-zələmə nütfəsidir. Səkinəxanım. Sənə nə məlumdur ki, mən Əziz bəyə gedəcəyəm? Nə ona gedirəm nə başqasına; oturacağam evimdə. Sən dur get, mənim sifarişimi Ağa Həsənə yetir! Zübeydə. Sən qız uşağısan, ağlın başında yoxdur, öz xeyrini anlamırsan! Mən ona gedib deyən deyiləm ki, qız razı olmur. Səni vermişəm, gedəcəksən, artıq danışma! (Durur ayağa yola düşür). Səkinəxanım (suznaq). Vay, dədəm vay, bu nə danışır! Zübeydə qapıdan çıxır, uzaqlaşır. Əziz bəy o biri otaqdan içəri girir. Əzizbəy. İndi gördün mənim iztirabım yerində idi. Ya yox? Mən gedirəm. Səkinəxanım. Hara? Əzizbəy. Gedirəm o nadürüst oğlu Ağa Həsəni cəzasına yetirməyə, dəxi məndə tab yoxdur! Səkinəxanım. Nə söyləyirsən? Sən dayan, getmə, əlindən xəta çıxar. Mən özüm bu saatda o nadürüst oğlunu çağırıb deyəcəyəm ki, bu xəyaldan düşsün. Gülsəba! (Gülsəba hazır olur). Gülsəba, get Ağa Həsən tacirə xəlvət de ki, səni çox vacib işdən ötrü ünas tayfasından bir şəxs çağırır. Adımı nişan vermə. (Gülsəba gedir). Əziz bəy, vallah, sən hələ lap uşaqsan! Bir güzgüyə bax, gör gözlərin acıqdan qan çanağına dönübdür. Niyə belə kəmhövsələlik edirsən? Bu nadürüst oğlu ki, məni güc ilə alıb aparmayacaqdır! Əzizbəy. Hamı sözün doğrudur, amma çifayda ürək aram tutmur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o birisi otağa. Səkinə xanım üzün bürüyür, oturur. Gülsəba və Ağa Həsən içəri girirlər. Ağa Həsən. Səlam-əleyk. Səkinəxanım (ahəstə). Əleyküməssəlam. Ağa Həsən qardaş, bilirsən ki, mən kiməm? Ağa Həsən. Xeyr, xanım, bilmirəm. Səkinə xanım. Ağa Həsən, mən Hacı Qafurun bacısı Səkinəyəm. Ağa Həsən (təəccüb ilə). Bəli, xanım, tanıdım. Fərmayişini buyur! Mən sənin bəndənəm, qulunam! Səkinəxanım. Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan! Sən axirət dünya mənim qardaşım ol. Məndən əl çək! Səni bundan ötrü çağırmışam. Sözüm sənə budur. Ağa Həsən (heyrətə düşüb). Xanım, niyə məni bəndəliyə qəbul etmirsən? Məndən nə xəta baş veribdir? Səkinəxanım. Heç bir xəta baş verməyibdir. Söz açıq gərək: sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razı olub, söz veribdir. Amma, əzizim, mən deyirəm ki, sənə gedən deyiləm! Bu xəyaldan düş, bundan sonra bu sözləri ağzına alıb danışma. Ağa Həsən. Xanım, bir səbəbini bildirəydin ki, mən niyə sizin iltifatınıza və mərhəmətinizə layiq olmuram? Səkinəxanım. Səbəbi öz yanımdadır. Ancaq sözüm budur ki, məndən əl çək! Ağa Həsən. Xanım, nə təqsir məndən sadir olubdur ki, məni özündən uzaq edirsən? Səkinəxanım. Qardaş, heç bir təqsir sadir olmuyubdur. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm! Mən səni sevmirəm! Könülə ki, güc yoxdur? Ağa Həsən. Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma! Səkinəxanım. Bilirəm nə deyirsən, hər nə bilirsən elə, əlindən gələni əsirgəmə! Əsirgəsən, namərdsən! Ağa Həsən. Sonra peşman olarsan. Bir fikir elə ki, nə sözlər mənə buyurursan... Səkinəxanım. Fikir yeri deyil. Get bildiyin elə! Eləməsən, səndən əskik adam yoxdur. Ağa Həsən (darılıb). Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölənədək dadı damağından getməsin! (Ayağa durur). Səkinəxanım. Get, get! Səndən qorxan səndən əskikdir! Əlindən gələni beş qaba çək! Ağa Həsən gedir. Səkinə xanım və Əziz bəy. Səkinəxanım. Di indi bir fikir elə, kimi vəkil edək? Bir düşmən də özümüzə artırdıq. Əzizbəy. Belə düşmənlərdən yüzü olsun. Yüz qarğaya bir sapan daşı! Bu saatda gedərəm, şahzadəyə bu əhvalatı müfəssələn bildirrəm. Özü bu işə tədbir eləsin. Səkinəxanım. Şahzadə ki, mürafiəyə mane olmaz; genə gərək bir vəkil ola. Əzizbəy. Şahzadə mürafiəyə mane olmaz, amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. Gərək bu işi şahzadəyə bildirəm. Mənim atam onun yanında çox qulluq edibdir. Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin və atamın tiyul kəndləri də mənə vagüzar etsin. Səkinəxanım. Səlah budur ki, əvvəl bir vəkil tutaq, sonra bu əhvalatı şahzadəyə məlum edəsən ki, o da haqqa kömək eləsin. Əzizbəy. Çox yaxşı. Vəkil kimi tutaq? Bu halda Gülsəba içəri girir. Gülsəba. Qapıda bir kişi durubdur; deyir ki, mən gərək Səkinə xanım ilə danışam. Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola, çox vacib əmr var. Səkinəxanım. Əcəb oldu. Əziz bəy də burdadır. Get çağır gəlsin, görək nə deyir. Gülsəba gedir. Əzizbəy. Hər gələn məni gərək sənin yanında görə? Səkinəxanım. Nə bilirlər ki, sən kimsən? Elə güman edərlər ki, sən mənim yaxın qohumumsan. Ağa Kərim içəri girir, Səkinə xanım çadirşəbə bürünür. Ağa Kərim. Səlam-əleyküm! Əzizbəy. Əleykəssəlam. Xoş gəlibsən. Buyur əyləş! Ağa Kərim bir tərəfdə oturub Əziz bəyə mütəvəcceh olur. Ağa Kərim. Məxdum, ismi-şərifinizi buyurun. Əzizbəy. Mənim adım Əziz bəydir. Ağa Kərim. Mübarək addır. Əziz bəy, mən sizinlə göftgu edim, Səkinə xanım da eşitsin. Əzizbəy. Buyur, Səkinə xanımın özü ilə də göftku edə bilərsən. Onu özgə qızlar ayağına aparma. Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil. Ağa Kərim. Vallah, çox yaxşı eləyir. Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyərlər. Mən mərhum Hacı Qafur ilə çox dost idim. İndi bu saatda bir işdən ötrü Ağa Mərdan halvaçı oğlunun yanında idim. Birdən tacir Ağa Həsən içəri girdi, səlam verib dedii ki, Ağa Mərdan, eşitmişəm Hacı Qafurun arvadı Zeynəbin vəkilisən. Mənim bu işdə sənə çox köməyim dəyəcək. İstirəm səninlə xəlvət danışam. Mən gördüm ki, olar danışacaqlar, çölə çıxdım və bildim ki, oların tədbiri Səkinə xanımın ədavəti üçündür. Çün Hacı Qafur ilə duz-çörək yemişdim, o xatirə gəldim ki, bu işdən Səkinə xanımı xəbərdar edim. Səkinəxanım. Çox-çox razıyam. Ağa Kərim ki, aşnalığı unutmuyub, öz dostunun bacısını belə vaxtlarda yad edirsən! Ağa Kərim. Əlbəttə, xanım, dostluq belə vaxtlarda lazımdır. Çünki Ağa Mərdan yerin-göyün haramzadasıdır. Mən özümə vacib bildim ki, piş əz vəqt sizi onun hiyləgarlığından xəbərdar edim. Yoxsa iş işdən keçər, sonra çarə tapılmaz. Səkinəxanım. Ağa Mərdan mənə nə eyləyəcək, Ağa Kərim? Ağa Kərim. Nə eyləyəcək? Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o, çox mahirdir. Onunla bacarmaq çox müşküldür. Səkinəxanım. Mürafiəyə durub nə eləyəcək? Qardaşımın övladı yoxdur ki, puluna varis ola; arvadı da ki, ona varis ola bilməz; çünki mütədir, belə işdə Ağa Mərdan və ya başqa düşmən mənə nə zərər yetirə biləcək? Ağa Kərim. Xanım, sizin təcrübəniz belə işlərdə azdır. Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. Səkinəxanım. Necə edək ki, qəflət olmasın? Ağa Kərim. Məsələn, vəkillərinizi mənə tanıdın ki, kimdir. Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz. Səkinəxanım. Bizim hələ heç vəkilimiz məlum deyil. Ağa Kərim. Necə məlum deyil? Bəs bu işdə vəkil tutmuyubsunuz? Səkinəxanım. Xeyr, bilmirik kimi vəkil tutaq. Elə özümüz də bu fikirdəyik. Əzizbəy. Doğrudan, Ağa Kərim, heç bir adam bilirsənmi ki, bizə tanıdasan, onu bu işdə vəkil tutaq? Ağa Kərim. Xeyr, xatirimə bir belə adam gəlmir ki, Ağa Mərdana hərif ola. Bəs mən elə bilirdim ki, sizin vəkiliniz hazırdır. Əzizbəy. Xeyr, hazır deyil, axtarırdıq ki, bir kamil adam tapaq vəkil edək. Bir fikir elə gör xatirinə bir adam düşürmü? Ağa Kərim. Vallah, heç bir kamil adam fikrimə gəlmir. Adam çoxdur, amma Ağa Mərdana hərif ola bilməz. Ba! Bir adam fikrimə düşdü, əgər razı ola; çünki vəkil olmaqdan neçə zamandır əl çəkibdir. Ancaq məgər Ağa Mərdana o hərif ola bilər. Səkinəxanım. O kimdir? Ağa Kərim. Ağa Səlman ələkçi oğlu. Əgər razı olsa, onu vəkil edin. Səkinəxanım. Onunla kim görüşsün, danışsın? Ağa Kərim. Başqa adam lazım deyil, xanım. Onu çağırdın bura, özünüz danışın. Olur ki, sizin nəfəsinizin təsirindən razı ola. Ünas tayfasının nəfəsində başqa təsir olur. Səkinəxanım. Bəs olmazmı onu bura göndərəsən, Ağa Kərim? Ağa Kərim. Xeyr, xanım, ayrı adam göndər. Mən bir çüzi işdən ötrü onunla küsülüyəm. Səkinəxanım. Bəs ona sən necə bir para zad təlim edərsən? Ağa Kərim. Özgə vəkil olsaydı, mənim təlimim lazım idi. Amma Ağa Səlmana mənim təlimim lazım deyil. O özü şeytana papuş tikər. Mən əgərçi ondan narazıyam, amma hünərini danmaq olmaz. Təki sizin işiniz əmələ gəlsin. Əzizbəy. Mənim özüm bu saatda gedərəm, onu çağırram. Səkinəxanım. Çox yaxşı, bəs get. Əziz bəy və Ağa Kərim ayağa durub getmək istirlər. Ağa Kərim. Xudahafiz, xanım! Səkinəxanım. Xoş gəldin, Ağa Kərim. Mən sənin bu yaxşılığını heç vaxt unutmayacağam! Əziz bəy və Ağa Kərim gedirlər. Səkinə xanım. Gülsəba, yerə bir döşək sal, dalısına bir püştü qoy! Gülsəba tez döşəyi salır, püştünü qoyur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy və Ağa Səlman içəri girirlər. Yuxarıda Səkinə xanım oturub, Gülsəba böyründə ayaq üstə durubdur. Ağa Səlman. Səlam-əleyk! Səkinəxanım. Əleykəssəlam. Ağa Səlman, xoş gəldin, səfa gətirdin, buyur əyləş! İşarə edir, döşək üstə Ağa Səlman oturur, ondan aşağıda Əziz bəy əyləşir. Səkinəxanım (nazik səs ilə). Ağa Səlman, mən Hacı Qafurun bacısıyam. Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. Ağa Səlman. Xanım, buyur görüm mətləbin nədir. Səkinəxanım. Ağa Səlman, özünüzə məlumdur ki, altı-yeddi ay bundan irəli Təbrizə vəba düşmək səbəbilə tamam xalq qaçıb dağılmışdı. Qardaşım Hacı Qafur bir təvəkküllü adam idi. Dedi ki, mən heç tərəfə gedən deyiləm. Amma bərai-ehtiyat tamam pulunu ki, altmış min tümən idi, sandıqlar içində aparıb şahid və sübut ilə hakimi-şərə tapşırdı ki, əgər əhyana mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə. Hakimi-şər haman məbləği götürüb, sair xalq kimi, o da şəhərdən çıxıb başqa yerə getdi. Bizim qonşularımız da tamam uzaqlaşdılar. Bizim evdə qaldı bir qardaşım, bir onun mütəsi və bir də mən. İttifaqən qardaşım naxoş oldu, bir kimsə yox idi, məgər şəhərdə difan tərəfindən bir dəstə sərbaz qoymuşdular ki, hər evi yoxlasınlar, ölənləri qəbiristana nəql etsinlər. O gün sərbazlardan dördü bizim evə gəldi. Qardaşım onlara dedi ki, mən ölürəm, mənim bir bacımdan başqa dünyada bir varisim qalmır. Mən öləndən sonra, məni qəbiristana nəql edin. Qardaşım allahın rəhmətinə getdi. İndi qardaşımın arvadı ki, mütədir və ona heç irs yetişməz, istiyir ki, mənim qardaşıma varis ola, mənim ilə mürafiəyə dura. Ağa mərdan halvaçı oğlu ona vəkil olubdur. Təvəqqe edirəm ki, zəhmət qəbul edib bu işdə sən də mənə vəkil olasan. Ağa Səlman. Səkinə xanım, mən vəkil olmaqdan əl çəkmişəm. Dəxi bir kimsənəyə vəkil olmuram. Səkinəxanım. Ağa Səlman, bu iş çox tez qurtarası işdir. Az müddətdə mürafiəsi tamam olur. Əgər qardaşımın dilindən şahid lazım olsa, o sərbazları şahid göstərə bilərsən. Təvəqqe edirəm ki, mənim xatirim üçün bu işi boynundan tullamayasan. Ağa Səlman. O sərbazların adı və məkanı sizə məlumdurmu? Səkinəxanım. Bəli, Əziz bəy kağızda oların adlarını və yerlərini yazıb sənə təslim edər. Ağa Səlman. İndi ki təvəqqe edirsən, qəbul edərəm. Ümidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil. Səkinəxanım. Xeyr, inşallah bir gündə qurtaracaqdır. Ağa Səlman, həmin bu bir gün zəhmətin üçün sənə beş yüz tümən həqqülnəfəs vədə edirəm. Ağa Səlman. Onsuz da olar. Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. Tamah ucundan deyil. Səkinəxanım. Bilirəm, Ağa Səlman, bu məbləği mən ancaq sənin uşaqlarına cib xərci verirəm. Ağa Səlman. Xanım, indi məni mürəxxəs buyur, gedim sərbazları görüm. Əhvalat xəbər alım ki, mürəfiə vaxtında şəhadətlərini əda etsinlər və siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin. Səkinəxanım. Çox yaxşı, hazır edib göndərrəm. Amma, Ağa Səlman, deyirlər ki, Ağa Mərdan çox mühil adamdır. Onun hiyləsindən qafil olmayasan. Ağa Səlman. Xatircəm ol, onun hiyləsi mənə kar eləməz. Əziz bəy, o sərbazların adlarını və yerlərini, yaz, mənə göndər. Əzizbəy. Çox yaxşı, bir saatdan sonra yetişər. Ağa Səlman durub gedir. Əziz bəy və Səkinə xanım. Əzizbəy. Mən də durub gedim, əhvalatı şahzadəyə bildirim. Səkinəxanım. Otur, sərbazların adların, yerlərin kağıza yaz, Ağa Səlmana göndər, sonra get. Əziz bəy oturur yazmağa. Pərdə salınır * * * İkimci məclis İkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində. Ağa Mərdan (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur. Bu halda qapı açıldır. Ağa Kərim içəri girir. Ağa Kərim (bəşaşət ilə). Səlam-əleyk! İşləri bitirdim, muştuluğumu ver! Ağa Mərdan (təbəssüm ilə). Yəqin? Ağa Kərim. Sənin canın üçün, bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim ki, əgər özün də orda olsaydın, öz haqqında müştəbeh olardın. Dedim ki, bu saatda hakimi-şər yanıda Ağa Mərdandan mötəbər kimsənə yoxdur. Onun bir sözü iki olmaz. Dərxanədə də ancaq o mərufdur. Hətta şahzadə hüzuruna da həmişə bir para işlər üçün gediş-gəlişi var. İş bilməkdə də Əflatuni-əsrdir. Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etmiyəsən ki, ancaq onun tədbiri ilə sən Hacı Qafurun dövlətinə malik ola bilərsən. Yoxsa sənin bu irsə heç haqqın yoxdur. Arvad özü də və qardaşı Ağa Abbas da razı oldular. İndi bu saatda gələcəklər sənin yanına ki, hər nə desək, ona əməl etsinlər. Ağa Mərdan. Çox yaxşı, Ağa Səlmanı da o tərəfə vəkil etdirə bildinmi? Ağa Kərim. Bəli, bu saatda Ağa Səlman Səkinə xanımın yanındadır. Ordan qurtarıb bura gələcək. Ağa Mərdan. Mərhəba, Ağa Kərim, vallah sənin dilində cadu əsəri var. Xub, hələ bir de görüm Hacı Qafurun arvadı göyçəkdirmi! Ağa Kərim. Nə eyliyəcəksən? Ağa Mərdan. Nə eyliyəcəyəm, gəlsə allam. Mənə gəlməzmi? Ağa Kərim. Nə bilim, gələrmi? Sənin bir az vaxtın keçibdir. Arvad cahıldır. Ağa Mərdan. Xeyr, Ağa Kərim, sən öləsən, mənim çəndən vaxtım keçməyibdir. Mən indi düz əlli bir yaşındayam. Ağa Kərim. Belə bilirəm, yetmişdə də olarsan. Ağa Mərdan. Xeyr, sənin canın üçün, bilirsənmi mən havaxt anadan olmuşam? Təbrizin böyük zəlzələsindən bir il sonra. Ağa Kərim. Sənin ki arvadın var. Ağa Mərdan. Mən ki arvadsızlıqdan istəmirəm onu alam. Deyirəm ki, Allah qoysa əgər bu dövləti o arvadın adına Hacı Qafurun bacısının əlindən çıxarsaq, dəxi arvad niyə özgəsinə getsin? Arvadı da mən allam, dövləti də mənim əlimdə olsun. Elə sənin səlahın da budur, özgəsindən sənə nə xeyir olacaq? Ağa Kərim. Əlbəttə, bu surətdə göyçək oldu, ya olmadı, nə təfavütü, qoy olsun ifritə, gəlsə algilən. Amma yaman deyil, ağlım kəsmir ki, səni bəyənə. Ağa Mərdan. Yəni mən necəyəm? Ağa Kərim. Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil. Ağa Mərdan. A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). Ağa Kərim, sən allah, mənim haramda sən eyib görürsən? Əgər dişlərimin tökülməyin deyirsən, nüzüldən tökülübdür, qocalıqdan deyil. Ovurdlarım bir az çuxura düşübdür, amma çəndan da məlum olmur, saqqal üstünü örtübdür. Ağa Kərim. Di yaxşı, bəsdir, otur aşağı, indi arvad gələr. Ağa Mərdan. Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmə bürünüm, saqqalımı darıyım. (Başlayır dediklərini eləməyə). Ağa Kərim. A kişi, niyə lazımdır bu zadlar, otur aşağı. Ağa Mərdan. Xeyr, çox lazımdır! Bizim arvadlarımız həmişə üzlərini kişilərdən gizlərlər. Amma özləri kişilərə baxmağa biixtiyardılar. Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. Sözümün artıcaq təsiri olar. Bəlkə xoşuna da gəlim. Ağa Mərdan libasını geyib, saqqalını darayıb oturur. Bu halda qapı açılır. Hacı Qafurun arvadı Zeynəb və qardaşı Ağa Abbas içəri girirlər. Ağa Abbas. Səlam-əleyküm! Ağa Mərdan. Əleyküm-səlam, xoş gəldiniz, səfa gətirdiniz! Buyurun, əyləşin. Hacı Qafurun arvadı üzün bürümüş və qardaşı otururlar. Ağa Mərdan. Ağa Abbas, mən səninlə danışım, Zeynəb xanım da qulaq assın, yeri gələndə cavab versin. Hacı Qafur ölən indi altı aydır. Söz gərək bizim aramızda aşkar ola. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. Amma mən bu keyfiyyəti bilib Ağa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim sözümdən çıxmasanız və mənim tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. Çünki Hacı Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrəbası yoxdur. Ancaq o qızın bir cavan namizədi var, o da mürafiə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. Hakimi-şər pulu saxlayıb, sizə və Hacı Qafurun bacısına bildirib ki, vəkil tutub, mürafiəyə əyləşib, davanızı teyy edəsiniz. İndi mən özüm sizin vəkilinizəm. Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. Ağa Abbas. Əlbəttə, onsuz ki, olmaz. Buyurun görək Zeynəb xanıma təklifin nədir? Ağa Mərdan. Əvvələn, Zeynəb xanım gərək bu saatda bir para məxaric üçün beş yüz tümən mənə pul verə ki, axırda da hesaba daxil elərik. Özü Ağa Kərimə bildiribdir ki, Hacı Qafurun öləndən sonra sandıqda min tümən var idi və bacısı da bilmirdi, onu götürübdür. Zeynəbxanım. Müzayiqə yoxdur, başqa təkliflərini bildir. Ağa Mərdan. ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o dövlətdən ki, altmış min tüməndir, otuz min tümən sənin olsun və qalan yarısı otuz min tümən mənim və Ağa Kərimin və başqa yoldaş və köməkçimizin olsun. Zeynəbxanım. Vay aman, nə çox istirsən, Ağa Mərdan! Ağa Mərdan. Hərgiz çox deyil, xanım! Bu irsə sənin heç haqqın yoxdur. Bu otuz min tümən də mən ancaq sənə bağışlayıram. Zeynəbxanım. Necə haqqım yoxdur? Mən illər ilə zəhmət çəkib Hacı Qafurun evində oturmuşam. Tamam pul sandıqlarının haçarı mənim əlimdə olurdu. Hacı Qafurun sağlığında onun bacısının beş abbası ixtiyarı çatmazdı, amma mən hər nə qədər istəsəydim xərc edərdim. İndi necə oldu ki, mən gərək qıraqda qalam, pulları bu dilaram çəngi götürə, gedə bir qızıl-qırmızı oğlana, yeyə, içə, kef edə? Ağa Mərdan. Mürafiədə bu sözlərə qulaq asmazlar. Zeynəbxanım. Necə qulaq asmazlar? Mürafiə edənin məgər insafı yoxdur? On ildən artıq bu dövlət mənim əlimdə idi. İndi gərək mən ondan binəsib olam? Ağa Mərdan. Bəli, indi gərək ondan binəsib olasan. Sözümə qulaq as, yarısına qane ol! Yoxsa o dövlətin bir fülusuna da haqqın yoxdur. Ağa Abbas mətləbi başa düşər ki, mən dediyim söz haqdır. Ağa Abbas. Yaxşı, razıyıq. Başqa təklifin nədir? Ağa Mərdan. Üçümcü təklifim budur ki, Zeynəb xanım gərək məclisi-mürafiədə hazır olub otura və hakimi-şər hüzurunda iqrar edə ki, Hacı Qafurdan bir yeddi aylıq bir oğlu var. Zeynəbxanım. Vay, dədəm vay! Ağa Mərdan, bu çox çətin təklifdir. Mən yalandan necə deyim ki, mənim yeddi aylıq oğlum var? Ağa Mərdan. Heç çətin deyil. Hacı Qafurun sağlığında sən hamilə idin. Öləndən bir ay irəli bir oğlan doğubsən; indi yeddi aylıqdır. Bunu deməyə nə var? Zeynəbxanım. Ağa Mərdan, mən səni özümə ata bilirəm. Sənin heç sözündən çıxmağı bacarmanam. Amma bu təklif çox müşküldür. Mən uşaq doğmamışam. Deməzlərmi bəs uşağın hanı? Ağa Mərdan. Bu xüsusda qəm çəkmə! Uşaq hazırdır və sən hamilə idin, onu doğubsan. Uşağı sənin və Hacı Qafurun qucağında görənlər də var. Sən bu cəhətdən ehtiyat eləmə. Sən ancaq iqrar edərsən, özgələri təsdiq edər. Zeynəbxanım. Allahı sevirsən, Ağa Mərdan, bir ayrı təklif elə! Mən necə bu yalanı iqrar edim? Vallah, mənim üzümdən gəlməz ki, bu sözü deyəm. Ağa Mərdan. Qəribə söz danışırsan! Heç bilmirəm niyə üzündən gəlmir bu sözü deyəsən? Heç bilmirəm nədən utanırsan? Xub, aləm bilir ki, doğmaq arvad tayfasının peşəsidir. Utanmaq nədir? Balıq istəyən gərək canın soyuq sudan qorumaya. Gərək bu iqrarı edəsən, başqa çarə yoxdur. Zeynəbxanım. Bu iqrardan qərəzin nədir, Ağa Mərdan? Ağa Mərdan. Qərəzim odur ki, Hacı Qafurun dövləti sənə yetişsin. Bu mətləbin əncamına bundan başqa əlac tapılmaz, ondan ötrü ki, sən onun varisi ola bilməzsən. Amma sənin oğlun onun şəri varisidir. Oğlan vücudunu sübuta yetirəndən sonra, tamam dövlət ona yetişər. O vaxt da mən çox asanlıqla özümü ona qəyyum edərəm. Sonra ki, bir beş-altı ay keçər, söhbət sallıq ki, sənin uşağın vəfat etdi. O sürətdə tamam dövlət şərən sənə müntəqil olar. Yarısını sən götürərsən və yarısını mən. Zeynəbxanım. A başına dönüm, belə yalan işi yetirmək olarmı? Ağa Mərdan. Yeritmək olmazdı, əgər Hacı Qafurun bacısının köməyi olsaydı. İndi onun kimsənəsi yoxdur ki, bizim qabağımızda söz danışa. Əgər Ağa Həsən tacirə getsəydi, genə bu iş çətin idi. İndi Ağa Həsən də və onun güclü əqrabası da o qıza düşmən olublar. Hamısı istir ki, bu dövlət ona çatmasın. Qız qalıb yalqız, ancaq bir cavan namizədilə ki, əlindən heç bir iş gəlməz. Zeynəbxanım. Bəs o dediyin uşaq hardadır? Ağa Mərdan. Bu saatda görərsən. Ağa Kərim, uşağı o biri otaqda dayədən al gətir. Ağa Kərim gedir. Zeynəbxanım. Uşağı dayə əmizir? Ağa Mərdan. Xeyr, anası əmizir. Amma sənin dayəndir dəxi. Ağa Kərim uşaq əlində qayıdır. Ağa Mərdan uşağı alır, verir Zeynəb xanıma. Ağa Mərdan. Al, budur sənin oğlun! Görürsənmi, gözü, qaşı lap Hacı Qafurun gözü, qaşıdır. Zeynəbxanım. Vallah deyəsən ki, elə oxşuyur; amma qorxuram mürafiyə vaxtında dilim tutula, deyə bilməyəm. Ağa Mərdan. Zeynab xanım, səbəbi odur ki, özün inanmırsan ki, bunu sən doğubsan. Əvvələn,özün gərək inanasan ki, bu sənin oğlundur. Yoxsa, əlbəttə, mürafiyə məclisində karıxarsan, dilin tutular. Vahimə eləmə, söz ver ki, belə iqrar edəsən. Zeynəbxanım. Bəli, söz verirəm, əgər bacarsam. Ağa Mərdan. İnşallah bacararsan. Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığı burma oğlana yedirə? Zeynəbxanım. Doğru deyirsən. Səkinə xanımın vəkili yalanımı çıxarmıya. Ağa Mərdan. Xa-xa-xa!.. Gör kimdən qoxur! Ehtiyat eləmə! O, heç bir kəlmə də sənin xilafına söz danışmayacaq. Durun gedin, vəkalətnaməni yazdırın, hazır edin. Sabah gərək mürafiyə başlanıb tamam ola. Mənim də indi başqa işlərim var, yanıma adamlar gələcək və Ağa Kərimi də aparın, onunla beş yüz tümən pul göndərin. Ağa Abbas. Pulları gətirmişik, Ağa Kərim bildirmişdi. Ağa Mərdan. Di qoyun, gedin. Ağa Abbas pulları kisədə Ağa Mərdanın qabağına qoyur. Bacısı ilə ayağa durub getmək istəyir. Bu halda şahzadənin fərraşı Nəsir daxil olur. Nəsirfərraş. Səlam-əleyküm, Ağa Mərdan! Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm. Ağa Mərdan. Ərz elə ki, baş üstə! Əsəd (nökəri-hakimi-şər). Salam-əleyküm, Ağa Mərdan! Ağa buyurur ki, bu gecə Hacı Səminin evində bizim ilə qonaqlığa gedəcəkdirmi? Vacibi iş var. Gərək onunla orada danışam. Ağa Mərdan. Ərz elə ki, gedəcəyəm. Ağa Abbas bacısı ilə gedir, Ağa Kərim. Ağa Kərim. Bu şahzadə fərraşı və hakimi-şər nökəri haradan tapıldılar? Ağa Mərdan. Mən bilirdim ki, arvad mənim təklifimdən vahimə edəcək. Buların hərəsinə iki sahib-qiran verib, piş əz vaxt hazır eləmişdim ki, gəlib arvadın yanında bu sifarişləri mənə etsinlər. Arvad bilsin ki, mən şahzadə və hakimi-şər yanında müqərrəbəm. Bir az ürəkli olsun, yoxsa mürafiyə vaxtında qorxuram iqrara qadir olmaya, rüsvay olaq. Ağa Kərim. Vallah, yaxşı fikirdir. Amma xeyr, biz mürafiə vaxtında mülahizə elərik, əgər müyəssər ola, arvadın iqrarını şahidlərdən sonraya sallıq, o vaxt vahimə eləməz. Ağa Mərdan. Di dur get Hacı Rəcəbəliyə de ki, şahidləri gətirsin, gəlsin. Beş yüz tümən onun özünə vədə elə. Əlli tümən nəğd, qalanı nisyə. Şahidlərin hər birisinə de otuz tümən, on beşi nəğd, on beşi nisyə ki, iş tamam olandan sonra verilər. Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar; çox şeytandır. Ondan iş gizlətmək mümkün deyil. Ağa Kərim. Çox yaxşı, gedim. (Ayağa durur). Ağa Mərdan. Ey, sən allah, bir söz deyirəm: Hacı Qafurun arvadını görəndə öz yanından bir tövr ilə işarə elə ki, danışıq arasında mənə ata xitab etməsin; sən öləsən, ürəyinə ayrı fikir gəlməsin! Elə xoşuma gəlməz ki, arvad tayifəsi mənə xoşaməd üçün ata ləqəbi verə. Nə lazım olubdur? Adımı desin. Ağa Kərim. Yaxşı, yaxşı, bilirəm mətləbin nədir! Xatircəm ol, dəxi sənə ata deməz. Gedir, sonra Ağa Salman daxil olur. Ağa Səlman. Salam-əleyk! Ağa Mərdan. Əleykəssəlam, necə oldu? Ağa Səlman. Vəkil oldum. İndi fikrin nədir? Ağa Mərdan. İndi fikrim budur ki, şahidlər hazır edib, mürafiəyə iqdam edək. De görüm, sənə nə vədə elədilər? Ağa Səlman. Mən dedilər ki, beş yüz tümən sənə həqqülnəfəs verrik, çünki bizim şahidlərimiz hazırdır və iş vazehdir. Mən də razı oldum. Ağa Mərdan. Çox yaxşı elədin. İndi görürsən ki, haqq tərəfindən çəndan xeyir yoxdur. Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. Bu otuz min tümən sənə, mənə və Ağa Kərimə yetişəcəkdir. Şahidlərin adlarını, yerlərini öyrəndinmi? Ağa Səlman. Öyrənmişəm. Dörd nəfər sərbazdır; Bədəl, Qəhrəman, Qəffar və Cabbar. Vərci küçəsində olurlar. Ağa Mərdan. Gərək mən oları bura gətirdib tovlayam ki, xilaf şəhadət etsinlər. Sən gərək gedib olara tapşırasan ki, sədaqət ilə öz şəhadətlərini eləsinlər. Çün sərbaz taifəsi biçizlikdən bir növ firqeyisuala daxildir. Olar haman saat soruşacaqlar ki, ağa, sonra bizə nə şəfəqqət edəcəksən? Onda sən de ki, uşaqlarım, belə işlərdə müzd istəmək yaxşı deyil. Allah rizasına gərək şəhadət edəsiniz. Qiyamət günü sizə əcri-xeyir yetişər. Ağa Səlman. Çox yaxşı! Ağa Mərdan. Heç bilirsənmi sərbazların adəti nə qərar üzrədir? Ağa Səlman. Bilirəm. Olar deyəcəklər ki, biz Hacı Qafurun evinə yetişdik. İki saat vəfatından irəli. Bizə dedi ki, mən ölürəm, mənim dünyada bir kimsəm yoxdur, məgər bir bacım. Mən öləndən sonra məni dəfn edin. Ağa Mərdan. Çox yaxşı, gərək sərbazlar bu sözü dəyişib deyələr ki, bir aylıq oğlu var idi. İndi dur get! Ağa Səlman durub gedir. Ağa Mərdan (yalqız). İnşallah iş yaxşı gəlir. İndi Ağa Kərim, şahidləri gətirən vaxtdır. Qapı açılır. Ağa Kərim, Hacı Rəcəbəli, daruğə və yanında dörd nəfər adam daxil olurlar. Hacı Rəcəbəli. Səlam-əleyk! Ağa Mərdan. Əleykəssəlam, Hacı, tapdınızmı? Hacı Rəcəbəli. Tapdınızmı?! Guya itirmişdik tapaq? Qəribə sual edirsən, Ağa Mərdan. Bəs məlum ki, məni hələ dürüst tanımırsan. Ağa Mərdan (Ağa Kərimə kənarda). Ağa Kərim, sən dur get, Ağa Səlman ilə görüş. O nişan verən sərbazları mənim yanıma gətir. (Sonra Hacı Rəcəbəliyə mütəvəcceh olub). Hacı, mənə nişan ver, görüm ki, bular kimdirlər? Hacı Rəcəbəli. Bu Hepo qumarbazdır ki, dünən Ərdəbildən gəlibdir. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar. Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr mənim yanımda olur. Ağa Mərdan. Əlhəmdüllah, hamısı yaxşı adamlar imiş, amma Heponun sənəti bir az töhmətlidir. Olar ki, ona gümani-bəd gedə. Hacı Rəcəbəli. Qorxma, Hepo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilər. İstirsən bir-iki saatdan sonra bir mütəşəxxis tacir sifətinə girib yanına gəlsin ki, sən özün də onun haqqında müştəbeh olasan. Məgər bilmirsən ki, bu kimin nütfəsindən əmələ gəlib? Bu, dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb, gecə iki günlük yol piyada gəlib. Təbrizdə mərhum qaim-məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə Əhərə qayıdıb; Sübh çağı karvansarada dalanında yatmış imiş. Aləm tamam heyran qalmışdı onun bu əməlinə. Məhz onun bu hünərinə görə iş açılandan sonra onu öldürməyib ancaq dabanlarını kəsdilər. Ağa Mərdan. A, dabnıkəsik Heydərqulunun oğlu imiş! Çox yaxşı, amma adını dəyişərik. Bular məsaili-şəriyyətlərinə arifdirlərmi? Hacı Rəcəbəli. Xatircəm ol! Tamam əhli-savaddırlar. Sən öləsən, hamısı şeytana papuş tikərlər. Nə günə qalıblar, dördü də hər gün məsciddə camaat namazı qılır. Ağa Mərdan. Çox yaxşı, indi bilirlərmi ki, gərək nə günə şəhadət etsinlər. Hacı Rəcəbəli. Xeyr, gərək onu sən özün təlim edəsən. Ağa Mərdan. Bəli, gərək desinlər ki, Hacı Qafurun vəfatından bir həftə irəli biz dördümüz də axşam çağı əhli-qübur ziyarətinə gedirdik. Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq. Səlam verib soruşduq ki, Hacı, bu uşaq kimindir? Dedi ki, mənimdir, üç həftədir ki, təvəllüd tapıbdır. Bundan başqa dəxi övladım yoxdur. Hacı Rəcəbəli (şahidlərə üzün tutub). Ay uşaqlar, eşitdinizmi? Həpo. Bəli, eşitdik! Ağa Mərdan. Bu tövr deyə biləcəksinizmi? Hənifə. Əlbəttə, nə çətin sözdür ki, demək müşkül ola! Ağa Mərdan. Çox razıyam, oğullarım, Allah sizdən razı olsun! Şeyda. Ağa Mərdan, belə işdən Allah məgər razı olar? Ağa Mərdan. Niyə razı olmur, əzizim! Əgər əsl işdən xəbərdar olasan, deyərsən ki, razı olar. Biçarə Hacı Qafurun arvadı on il ev və dövlət sahibi olubdur. İndi rəvadırmı evdən, dövlətdən məhrum olsun və bu dövləti bir qızmış qız götürüb bir cövməri əhli-zələmə oğlana yedirsin? Bu səbəbə ki, onu qucacaqdır? Əhli-zələmə bizim üləmamızın qövlünə görə dərgahi-ilahidən mərduddurlar. Şeyda. Bəli, doğru deyirsən. Hacı Rəcəbəli. Ağa Mərdan uşaqların icrətini məlum elə. Ağa Mərdan. Məgər Ağa Kərim eyləməyibdir? Hər birisinə otuz tümən və sənə də məlumdur nə yetişəcəkdir. Hacı Rəcəbəli. Ağa Mərdan, uşaqların icarəsinin yarısı gərək bişəki, yetişə. Ağa Mərdan. Əlbəttə, siz gedin; iki saatdan sonra Ağa Kərim sizə əlli tümən və uşaqların da icrətlərinin yarısını qulluğunuza gətirər. Hacı Rəcəbəli. Çox yaxşı, xudahafiz. Hamısı gedirlər. Sonra qapı açılır, dörd nəfər sərbaz içəri girir Ağa Kərim ilə. Sərbazlar. Səlam-əleyküm! Ağa Mərdan. Əleyküməssəlam. Buyurun, oğlanlarım, əyləşin! Siz xoş gəlibsiniz. Sizə zəhmət verdim, bağışlayasınız! Sərbazlardanbirisi. Xeyr ağa, sənin kimi hörmətli kimsənələrin qulluğuna gəlmək bizə çox fəxrdir. Ağa Mərdan. Mərhəba, oğlum! Ədəbli adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi? Sərbazlar. Xeyr, bura gəldik, hələ məcalımız olmadı. Ağa Mərdan. Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı çilov gətirsin. Sərbaz. Nə üçün, ağa, zəhmət çəkirsiniz? Ağa Mərdan. Zəhmət niyə olur, əzizim. İndi çaşt vaxtıdır. Rəvadırmı mənim evimdən ac gedəsiniz? Sərbaz. Ağa, bizə qulluğunuz nədir? Ağa Mərdan. Oğlum, bir çəndan qulluğum yoxdur. Ancaq bircə kəlmə söz sizdən soruşacağam. Sərbaz. Buyur, ağa, ikisini soruş! Ağa Mərdan. Mərhum Hacı Qafuru sizmi dəfn etdiniz? Sərbaz. Bəli, ağa. AğaMərdan – Mərhəba, oğlanlarım, sizin cavanmərdliyinizə! Sizin vücudunuz qənimətdir. Nəinki islamın köməyisiz, bəlkə dar gündə xalqın vecinə də ancaq siz gəlirsiz. Vəba düşəndə bir mütənəffis Təbrizdə qalmamışdı, amma siz öz canınızdan keçib şəhəri buraxmadınız. Cənab-əqidəsi-ilahi sizə böyük əcr versin! Xub, oğlanlarım, Hacı Qafuru sağ gördünüzmü? Sərbaz. Bəli, gördük, ağa! Ağa Mərdan. O vaxtda onun yanında qundaqda onun bir aylıq tifil oğlunu gördünüzmü? Sərbaz. Xeyr, ağa, görmədik. Ağa Mərdan. Olur ki o vaxtda anasının qucağında imiş. Sərbaz. Xeyr, ağa, Hacı Qafurdan biz soruşduq ki, oğuldan, uşaqdan nəyin var? Dedi ki, bir bacımdan başqa bir kimsəm yoxdur. Ağa Mərdan. Bəli, olur ki, oğul bir aylıq tifil olduğu üçün onu hesaba gətirməyibdir. Amma uşaq o vaxtda anasının qucağında imiş. Sizdən başqa özgələri uşağı onun qucağında görüblər. Mən elə bildim ki, bəlkə siz də görmüş olasınız. Eybi yoxdur, indi bu xüsusda necə şəhadət edəcəksiniz? Çünki vərəsə arasında dava bərmeyit vaqe olubdur. Sərbaz. Biz bildiyimiz kimi şəhadət edəcəyik. Bu xüsusda Hacı Qafurun bacısının vəkili də bizdən soruşdu, bu qərar ilə cavab verdik. Ağa Mərdan. Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız; çünki o haramzadanın, o bidinin ağzı sizə dəyibdir. Onun üçün siz uşağın varlığına münkir olursunuz. Yəqin ki, bu xüsusda sizin hər birinizə iyirmi tümən vədə edib yarısını də pişəki veribdir. Sərbaz. Xeyr, ağa, o bizə bir həbbə də vədə eləməyibdir. Hətta biz ondan bir cüzi xarclıq istədik, dedi ki, şahid gərək biqərəz ola, əcrinizi allahdan istiyin. Ağa Mərdan. Ax, məlun, gör nə mərtəbədə qayım və xəsis adamdır! Özündən başqa istəmir ki, bir kimsəyə bir həbbə xeyir yetişsin. Yaxşı, altmış min tümənin davasında nahaq işə şəhadət etdirir. Sizin kimi cavanmərd uşaqların hər birinə bir iyirmi ya otuz tümən cib xarcılığı verməklə can çəkir. Vallah, beləcə məlun olmaz. Allah bəlasın versin. İşi nahaq, özü qayım və xəsis! Sərbaz. Necə işi nahaqdır, ağa? Ağa Mərdan. Belə nahaqdır ki, aşkara Hacı Qafurun yeddi aylıq oğlunu istir dansın, batırsın və atasından qalan dövləti istir onun bacısına yedirsin. Lakin bu işi Allah götürməz. Uşaq bu saatda halihəyatdadır. Bunu necə danmaq olar? Mən uşağın vəkiliyəm. Otuz tümən nəzr eləmişəm ki, hər kəs bu tiflin barəsində şəhadət etsə, onun qabağına sanıyam. Sizə çox gümanım gəlirdi. Belə bilirdim ki, uşağı görübsünüz, pulları da sayıb hazır qoymuşdum. Amma çifayda, siz deyirsiniz uşaq yadınıza gəlmir; amma olur ki, görsəniz yadınıza düşər. Ağa Kərim, evdən o tifli anası Hacı Qafurun arvadından al, bir bura gətir. (Ağa Kərim gedir, cəld o biri otaqdan yeddi aylıq qundağı gətirir). Uşaqlarım, bir dürüst fikrinizə gətirin, olmaz ki, siz bu uşağı görməmiş olasınız! Allaha mürvətdir ki, bu yetimin atasının pulunu özgəsi yesin, bu yetim həsrət ilə qapılarda qalsın? Amma olur ki, siz tələsikdə buna mültəfit olmamış olasınız, çünki o vaxt bir belə vaxt idi ki, adam öz başını da unudurdu. Ağa Kərim, bu uşağın nəzirini taxçadan al, bura gətir. (Ağa Kərim tez taxçadan dörd kağıza bükülmüş pulları gətirir. Ağa Mərdanın qabağına qoyur). Mənim əzizlərim, Allahtaalanın əcrindən başqa ki, bişəki sizə yetişəcək idi, bu yetim bu kağızların hər birisinin içində sizə otuz tümən nəzr edibdir. Bu, o məlun Ağa Səlman kimi deyil ki, həmi nahaq işə təklif edə və həmi xissətdən hes bir zad vermiyə. Sərbazlardan birisi yoldaşlarından birisinə üzün çevirib. Bədəl. Qəhrəman, mənim belə yadıma gəlir ki, biz Hacı Qafurun yanında olduğumuz saatda bir uşaq səsi gəldi. Qəhrəman. İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında bir qundaq var idi. Qəffar (sərbazlardan üçüncüsü). A kişi, deyəsən mənim də xatirimə gəlir ki, Hacı Qafur dedi ki, o mənim arvadımdır, o uşaq da mənimdir. Bir aydır anadan olubdur. Nəzər (sərbazlardan dördüncüsü). A kişi, necə bu iş bizim yadımızdan çıxıbdır. Doğrudan, o vaxt adam öz başını da unudarmış. Ay uşaqlar, Hacı Qafur bizə demədimi ki, mənim evimdən, öz arvadımdan və bu tifil uşağımdan muğayat olun? Şəhər xalqı yığılanadək oğru və əyri bulara əziyət verməsin? Əvvəlincisərbaz Bədəlvəobiriləribiryerdə. Bəli, arvadını və oğul-uşağını doğrudan bizə tapşırdı. Ağa Mərdan. Allah sizdən razı olsun, oğlanlarım! Mənim də gümanım bu idi ki, bu iş sizin laməhala xatirinizdə olacaqdır. Alın bu yetimin nəzirini özünüzə xarclıq edin! İnşallah mürafiə tamam olandan sonra genə sizin hər birinizə on tümən yetişəcəkdir! Doğruluq heç vaxt da itməz. Oğullarım! Belə ki, mənə söylədiniz, məhkəmeyi-mürafiəyə dəxi bu qərar ilə şəhadət edin. Pulları götürün. Sərbazlardanbirisi. Ağa, axır biz Ağa Səlmana söz vermişik ki, onun tərəfinə şəhadət edək. İndi ona deyəkmi ki, biz ona şəhadət ola bilmənik? Ağa Mərdan. Xeyr, heç ona demək lazım deyil! O elə bilsin ki, siz ona şahidsiniz. Sizi aparsın məhkəməyə, orada necə ki, indi söylədiniz, bu qərar ilə şəhadət edin. Ağa Səlmanın sizdə bir haqqı yox, bir tələbi yox. Desə ki, niyə belə şəhadət edirsiniz, deyin ki, biz belə bilirik. Götürün pulları! Çilov gəlibdir gedin o biri otağa, çaştınızı yeyin, gedin. Amma sizdən bircə təvəqqəm var; gərək mən sizi bura çağırdığımı bir kimsənə bilməyə. Bu sirri saxlamaq üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir Buxara börkü vədə edirəm. Sərbazlar. Ağa, bu xüsusda xatircəm ol! Pulları götürürlər. Ağa Mərdan. Ağa Kərim, uşaqları o biri otağa apar, çilov yesinlər, yola sal, getsinlər! Ağa Kərim sərbazları götürüb o biri otağa aparır. Ağa Mərdan (yalqız). Hələ buratan yaxşı gəlir. İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. (Durub gedir). Pərdə salınır * * * Üçümcü məclis Üçümcü məclis vaqe olur məhkəmeyi-mürafiədə. Sədrdə əyləşibdir hakimi-şər, onun sağ tərəfində Ağa Rəhim və Ağa Cabbar, sol tərəfində Ağa Bəşir və Ağa Səttar ki, daima məhkəmeyi-mürafiədə haşiyənişindirlər və başqa səmtdə oturubdur Ağa Mərdan – Hacı Qafurun arvadının vəkili. Ağa Bəşir (hakimi-şərə rücu edib). Ağa, maşallah sizin zehninizə və fərasətinizə! Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? O özü ərinin cibindən üç tümən çıxarıb sonra ərini döyüb, yalandan üzünü qanadıb, başının tükün yolub, ərindən şikayətə gəlmiş imiş. Hakimi - şər. Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir? Bunun şikayətini dürüst təhqiq etmək gərək? Ağa Bəşir. Axır mən də ərz edirəm ki, maşallah sizin fərasətinizə! Vallah, sizin nəzəriniz kimyadır. Əhli-məclisdən heç kim o zəifənin haqqında gümani-bəd aparmadı. Amma siz bir dəfə nəzər salmaqla buyurdunuz ki, mən o zəifənin əməlində şübhəliyəm. Vaqiən, elə belə imiş. Hakimi - şər. Mükərrər, mən belə işlərdə müvafiqi-vaqe hökm etmişəm. Ağa Bəşir. Doğru demişlər ki, “ərbabüddüvəli mülhəmünə”, bu növ bəsirət əgər ilham deyil, bəs nədir? Ağa Rəhim. Ağa Bəşir nə çox təəccüb edirsən? Cənabiəqdəsi-ilahinin ki, bir bəndəsinə lütfi-xassı ola, onu fəzilətdə bərgüzidə və səramədi-əhli-zəmanə edər. Ağaya, cənabi-əqdəsi-ilahinin lütfi-xassı var iş bilməkdə. Sən adın ilham qoy, mən deyirəm: bu Allahın lütfi-xassıdır. Ağa Cabbar. Bəli, ixtiyarın var, hər birisini demək caizdir. Belədirmi, Ağa Mərdan? Ağa Mərdan. Əlbəttə, əlbəttə! Ağa Rəhim. Ağa Mərdan, Hacı Qafurun uşağı necədir? Ağa Mərdan. Allaha şükür, indi hər adamı tanıyır, çağıranda gəlir. Ağa Cabbar. Gərək indi onun yeddi ayı tamam olmuş ola? Ağa Mərdan. Bəli. Hakimi - şər. Necə, Hacı Qafurdan uşaq qalıbdır? Bəs mən eşitmişəm ki, onun heç övladı qalmayıbdır? Ağa Bəşir. Xeyr, ağa, sizə yalan ərz edibdirlər. Bir balaca tifil qalıbdır, ay parçası kimi! Dünən biz namazdan qayıdanda qapı ağzında Ağa Mərdanın qucağında gördük; guya ki, Hacı Qafur ilə bir almadır ikiyə bölünübdür. Ağa Səttar. Ağa, Hacı Qafurun gözü, qaşı ki sizin xatirinizdədir. Hakimi - şər. Bəli, Hacı Qafur ki, çoxdan ölmüyübdür. Ağa Səttar. Bu uşağın da göz-qaşını müayinə edəsən, Hacı Qafurun göz-qaşıdır. Hakimi - şər. Mən belə bilmirdim. Xub, Ağa Mərdan, çünki Hacı Qafurdan oğlan qalıbdır, dəxi nə murafiə lazımdır? Aşkardır ki, Hacı Qafurun malı gərək ona yetişə, başqa əqrəbasına bu surətdə yol yoxdur. Ağa Mərdan (qayət fürutənliklə). Ağa, keyfiyyəti əgər mən qulluğunuza ərz eləsəm, qərəz görünər. Ağa Bəşir ərz eləsin ki, bu necə işdir. Ağa Bəşir. Ağa, keyfiyyəti mən qulluğunuza ərz edim. Hacı Qafurun bir bacısı qalıb Səkinə xanım adlı və əhli-zələmədən bir cahıl oğlan sevibdir. Əziz bəy adlı ki, ondan ötrü biixtiyardır. İstir ona getsin. Oğlan yaxır durmur ki, malsız, pulsuz səni mən nə eyləyəcəyəm. İndi qız çalışır ki, bəlkə Hacı Qafurun malına varis ola, bu səbəbə oğlan onu ala. Bibisi istədi ki, onu Ağa həsən tacirə verə ki, mütəşəxxis və dövlətli adamdır, getmədi. İndi özünə vəkil tutub və şahid hazır edib ki, guya Hacı Qafurdan övlad qalmayıbdır və gərək ondan qalan altmış min tümən mənə yetişə. Arvad taifəsi naqisül-əql belə xəyal edir ki, bu hiylə və tədbir ilə Hacı Qafurun dövlətinə sahib ola bilər. Amma xeyr, bica fikrdir, nahaq yerə özünü zəhmətə salır. Hakimi - şər. Xub, bu iş çox çəlpəşik və uzun çəkəsi iş deyil. İki saatın içində bu işi qət eləmək olar. Hər iki tərəfdən iddiaları xüsusunda şahid və isbat lazımdır. Ağa Mərdan. Bəli, ağa, bu saatda şahidlər hazır olar. Ağa Səttar (Hakimi-Şərə). Ağa, dünən ki qulluğunuza iki yetim uşaq gətirdilər ki, bisahibdirlər, buyurdunuz ki, bir dindar allah bəndəsi taparıq, buları tapşırrıq. Mən belə səlah görürəm ki, oları Ağa Mərdana tapşırasınız. Öz övladı kimi mütəvəcceh olar; çünki həmişə həsənata talib adamdır. Hakimi - şər. Çox yaxşı, Ağa Mərdan qəbul edirsinizmi? Ağa Mərdan. Baş ilə, can ilə, ağa! Övladım kimi mütəvəcceh olaram! Hakimi - şər. Pərvərdigari-aləm sənə əcri-xeyir versin! Bu halda qapı açılır, içəri girir Ağa Səlman, yanında dörd nəfər sərbaz və Əziz bəy və olardan sonra daxil olur Ağa Abbas, Hacı Qafur arvadı Zeynəb xanım və dörd nəfər şahid. Zeynəb xanım bir tərəfdə çadirşəbə bürünüb oturur. Ağa Səlman, Əziz bəy, Ağa Abbas da bir tərəfdə dururlar. Hakimi - şər. Ağa Səlman, deyirlər Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? Ağa Səlman. Ağa, mənim, şahidlərim var ki, Hacı Qafur öləndə iqrar edib ki, mənim bacım Səkinə xanımdan başqa bir varisim yoxdur, Hakimi - şər. Şahidlər ədayi-şəhadət etsinlər. Ağa Səlman (sərbazlara mütəvəcceh olub). Şəhadətinizi edin! Sərbazi - əvvəl. Ağa, mən yoldaşlarım ilə Hacı Qafur öləndən bir gün irəli onu yoluxmağa gəldik və soruşduq ki, oğlundan uşaqdan nəyin var? Dedi ki, bir bacım Səkinə xanımdan başqa bir kəsim dünyada yoxdur. Hakimi - şər. De ki, əşhədü-billah belə eşitdim! Sərbaz. Əşhədü-billah belə eşitdim. Ağa Mərdanın rəngi qaçır və təəccüb edir. Habelə Ağa Səlmanın. Hakimi - şər (o biri sərbazlara mütəvəcceh olur). Siz necə eşitdiniz bir-bir deyin! İkincisərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Üçüncüsərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Dördümcüsərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Ağa Mərdan (kəmali-diltəngliklə). Bəs o vaxta onun arvadının qucağında balaca uşaq görmədiniz? Əvvəlimcisərbaz. Xeyr, balaca uşaq özgə yerdə görmüşük. İstirsən onu da deyək. Ağa Mərdan. Yaxşı sakit olun (hakimi-şərə mütəvəcceh olub). Ağa, mənim şahidlərim var ki, bu sərbazlar deyən gündə Hacı Qafurun qucağında bir aylıq oğlunu görüblər və soruşublar ki, bu kimdir? Deyibdir ki, mənim oğlumdur. Şahidlər budur, hazırda durublar. (İşarə edir öz şahidlərinə). Hər birisi sahibi-savad, mötəbər və dindar adamdır. Ağa Səttar (təvəccehi-tamam ilə). Ağa Mərdan, zahirən bu cavan Hacı Şərifin oğludur? Ağa Mərdan. Bəli. Ağa Səttar. Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. Hacı Şərif çox saleh kimsənə idi. Hakimi - şər (şahidlərə üzün tutub). Bildiyinizi deyin! Əvvəlimcişahid Həpo. Bildiyimizi deyək? Hakimi - şər. Bəli. Həpo. Ağa, dünən Ağa Mərdan məni yoldaşlarım ilə evinə çağırıb hər birimizə on beş tümən pul verdi ki, bu gün gəlib sizin hüzurunuzda deyək ki, vəba vaxtı biz Hacı Qafurun qucağında bir aylıq oğlunu görmüşük. Qumarbaz baba idim. Aldım, apardım; çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. Bu gecə on beş tümənin hamısını bir yerdən uduzdum. Bir yaman hərifə rast gəlmişdim ki, Leylac onun əlinə su tökməyə yaramaz idi. Bundan başqa mən bir zad bilmirəm Ağa, nə Hacı Qafuru görmüşəm və nə onu tanıram. Ağa Mərdanın lap boğazı quruyur. Hakimi - şər (o biri şahidlərə üz tutub). Siz nə deyirsiniz? Obirişahidlər (bir yerdə). Bəli, biz də elə bunu deyirik, necə ki, yoldaşımız təqrir edir. Hakimi - şər (haşiyənişinlərə). Siz məni inandırdınız ki, Ağa Mərdan dindar adamdır. Bu dəlalət edir sizin nadürüstlüyünüzə. Ağa Bəşir. Xeyr, ağa, dəlalət edir bizim saf və sadiqliyimizə ki, ona inanıb təqriratına görə onu dindar hesab edirdik. Ağa Rəhim (yoldaşı Ağa Səttara ahəstə). Yalançının evinə od düşsün! Nadürüst Ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa! Ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik. Bu halda şahzadənin fərraşbaşısı içəri daxil olur. Fərraşbaşı (hakimi-şərə). Ağa, şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? Hakimi - şər. Bəli, sabitdir. Amma şahzadə bilirmi nə günə bu sübut hasil oldu? Fərraşbaşı. Bəli, Hacı Rəcəbəli, Ağa Mərdan və Ağa Səlmanın niyyətini duyub şahzadəyə bildirmişdi və şahzadə oların əməllərinin bütlanına lazımeyi-tədbir görsətdi. İndi bu iki nəfərin təqsiri sübuta yetişibdir və mənə fərmayiş olunubdur ki, oları bu saatda şahzadə hüzuruna aparam. Hakimi - şər. Ağa Səlman da bu işdə hiylə edirmiş? Fərraşbaşı. Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. Ağa Mərdanı və Ağa Səlmanı götürüb gedir. Hakimi - şər. Əziz bəy, Hacı Qafurun bacısının adamı indi sənsən. Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm gətirib neçə nəfər şahidi-mötəbərin hüzürunda ona təslim edərəm. Əzizbəy. Bəli, baş üstə, ağa, mürəxxəs olum. (Məclisdən çıxır). Ağa Bəşir. Bah, balan ölsün kişi! Belə də yalan odurdu ki, bu qayırmışdı? Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! Kişi yalandan elə istirmiş Hacı Qafura oğul sabit edə. A kişi, belə də cürət olarmı? Ağa Cabbar, sən mən axmağa de ki, bu mərtəbədə saf və sadiqlik olarmı ki, elə hər zada inanırsan? Ağa Cabbar (üzün kənara tutub). Yalançının evi yıxılsın! Sən saf və sadiqsən! (Qaim sövt ilə). A kişi, durun gedək, ağaya çox zəhmət oldu. Dəxi çox danışmaq nə fayda verər? Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. Sonra hamı ayağa durub gedir- lər. Məclis tamam olur. Pərdə salınır Tamamolur Aldanmış kəvakib (hekayəti-yusif şah) Səfəviyyənin Əvaili-səltənətində Qəzvin paytəxt idi. Hadisatimütənəbbiənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki: – Münəccimbaşı – Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü. Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: – Mirzə Sədrəddini çağır gəlsin! Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki: – Mirzə nə var? Münəccimbaşı ərz elədi ki: – Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmei-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əzhadisə qibleyi-aləmə məruz edim. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir. Xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-üzmaya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get! Münəccimbaşı kürnuş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə hüzura daxil olduqda buyurdu ki: – Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! Xacə çıxıb bir az vaxtdan sonra ehraz olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular. Şah buyurdu ki: – Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki: – Aya sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? Həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa: – Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədihiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pedəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisüləql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu. Bu keyfiyyətə hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökümətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə, sahibi-kaşana əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu növ tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddimci ilidir, xəzineyi-amirə əlhəmdü lillahi-vəlminnə, nüqudivafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-mütəsəvvirdir, amma kəvakibin müğabilində tədbir göstərməyə əlhəq acizəm. Bundan sonra sərdar Zaman xan şüru elədi: – Bu çakəri-xalis, saqqalımın tükünü dövləti-əliyənin xədəmatında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sərəskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pedəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun küruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayətimülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdur ki, əsla özü ilə topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zaxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbirimüfid göründü ki, dövləti əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyibiganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı. Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür... Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müstövfi Mirzə Yəhya təkəllümə gəldi: – Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetişdiyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyəti-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki, qoşunun və əvasiti-sahibmənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzinəyiamirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfimdən cüdaganə nəviştə olmamış məhz fərman mucibilə məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmali ucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar. Belə işlər xüsusunda mənim zehni-dəqiqim-yədi-beyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır... Növbət yetişdi mollabaşıya; təqrir elədi; – Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əimmeyi-əthar hörmətinə cəmin-afati səmavidən və ərzindən məhfuz etsin! Bu daiyi-dəvami-dövləti-qahirənin ixlas və sədaqəti, silsileyicəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir. Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifatikəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşəriyyəyə hidayət etmişəm. İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular. Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir. Əlavə, müşəxxəsdir ki, əimmeyi-ətharın-əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə zati-şərif və vacibüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir. Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elam etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyurmuşlar, nə öz övladlarının. Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəllixətərdədir, mənim ürəyim qüssədən, tabadakı balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşının özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəf inin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə necə ola bilər ki, zəhri göstərə, nadzəhri göstərməkdən özünü kənara çəkə? Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: “küllü münəccimin kəzzab!”* Bu hədsi mən onların və əhvalına isnad edirəm, nə elmlərinə. Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar! Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər üzr gətirsə, boynunu vurdursun. Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pedərini yandırsın. Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?.. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki: – Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələminə gedərəm, mənsəbdən məzul ollam. Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki: – Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin! Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi: – Pedərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən?! Cəllad! Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki: – Apar bu səgin bu saatda boynunu vur! Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz eldəi ki: – Təsaddüqün olum, bu sakin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqixahiş cavab verməsə, o vaxt müqəssir və müstövcibül-qətldir. Şah cəllada buyurdu ki: – Onu qoy get! Sonra münəccimbaşıya rücu edib dedi ki: – Məlun, bu saatda hadisənin dəfinə əlac göstər! Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin dəfinə heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki: – Təsəddüqün olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim “Zici-Uluğ bəy”ə mülahizə edim, qayıdım ərz eləyim. “Zici-uluğ bəy”də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində özündən artıq təcrübəli bilirdi. Şah rüxsət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki: – Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir. Şah buyurdu: – Çağır gəlsin! Münəccimbaşıya dedi ki: – Bir az hüzurda qall! Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ gətirdi. Şahın işarəsilə oturub ərz elədi ki: – Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali-sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş-əz-vəqt hadisəni elam edib, dəfinə tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala! Şah nəhayətdə xoşhal olub buyurdu ki: – Mövlana, biz elə o xüsusda göftgu edirdik. Hadisə məlumdur. Tədbirini izhar edin. Mövlana ərz elədi ki: – Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə və təxtü-tacı təslim eyliyə bir mücrim və vacibülqətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə təxtü-taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər. Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü-tacdan əl çəkir: ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padşah bilələr və gərək hərəmxanə xatunlarının da təlağı verilib kəbin kağızları yırtılva. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradinasdan dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? Hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla... Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarımş ikən qırmızılığa təbdil tapdı. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki: – Əhkami-şərə mutabiq bir qayətdə mücrim və vacibülqətl kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü-tacı ona vagüzar edək? Mollabaşı cavab verdi ki: – Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə tapılmaz; adına Yusif Sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə üləmayi-giramın və xüddami-şəriəti-qərranın zərbinə və zəmminə zəbangüşadır. Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə, guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən əvama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövlətiəliyyəyə dəxi bəhslər varid edir, deyir ki, kətxudadan tutmuş padşahadək küll ərbabi-mənasib əhli-zələmə və qüttaüttəriqdirlər, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu gunə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir. Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir. Bu daiyi-dəvami-dövləti-qahirə belə səlah görürəm ki, qibleyialəm səltənəti və təxtü-tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən öz cəzasına yetişib dərəki-əsfələ vasil olsun. Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə dedilər ki: – Yusif Sərrac pedərsüxtə bilkülliyə qətlə səvar və bəlayi-asimaniyə müstəhəqdir. Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır. Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı. Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqə edirəm ki, “Tarixi-Aləm- Ara”da Şah Abbasın cülusunun yeddinci ilində sadir olan vəqayiə mülahizə etsinlər. İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir? Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbəlayı, Səlim bir mömin və müttəqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmiliülumə şüru etdi. Müddəti-mədid orada məks edib tamam ülumiislamiyyəyə vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaən bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin. Kərbəladan qayıdıb varid oldu Həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada artıq görünürdü. Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. Çünki bir mərdi-səlimünnəfs və nikukar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkəti-naşayistəsi onun xatirinə toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə bais oldu. Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış tamam əyan və əşraf və ərkani-dövlət və üləma və sadat və cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzəraya dək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzaridərbara tutub xitab elədi: – Cəmaət, imdi yeddinci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbi ilə həmişə mənə ixsal və sədaqət göstəribsiniz. İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü-tacı bir kimsənəyə vagüzar edim ki, bu rütbəyə məndən əlhəq və şayistədir. Haman şəxsi mollabaşı və sərdar Zaman xan və vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə! Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki: – İndi mən əfradi-nasdən bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, təxtdən düşüb hərəmxanaya rəvanqə oldu. Hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər... Hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə görəndə az qaldılar qəh-qəhə etsinlər, amma şahın mühib baxışı və qaşqabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki: – Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir! Mollalar dişqarıda piş-əz-vəqt hazır olmuşdular. Hüzura daxil olduqda şah oturmağı işarə etdi. Sonra üzün hərəmlərə tutub xitab elədi; – Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburam ki, bir yaman xəbər sizə elam edim. Sizə məlum olsun ki, indi mən dəxi İranın padişahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdan bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labüddəm ki, sizin təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. Sonra üzün Molla Rəsula tutub buyurdu ki: – Buların siğeyi-təlaqlarını cari eylə! Molla Rəsul hamısının təlağını yanındakı ədleyn hüzurunda oxudu. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə və iztiraba düşdülər, heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir. Cümləsi heyran qaldı... Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəmə mütəvəcceh olub dedi ki: – Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə olsunlar; çünki şah çox cavan və göyçək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki: – Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və dərəcəmizdən çox xoşnud idik; bu bəxtəvərlikdən mərhum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik. Haman saat bu iki nəfər mürəxxəs olundu.Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciət etdi. Gürcüstanda onun nəqlinə bavər etməiyb belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar. Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı. O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namzəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namizədinə vasil oldu. Sair hərəmlərin nikahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyə qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu. Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztiraba düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. Bu keyfiyyət bahalığa bais olmuşdu. Yusif Sərrac deyirdi: – Təəccüb edirəm bu dövlətdən ki, Qəzvinə su çıxarmaq üçün həzar günə istitaət qüdrəti var, amma belə qəflətdədir ki, əsla bu əmrə mültəfit olmayıb öz rəayasının halına və paytəxtinin rövnəqinə təvəccöh etmir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. Yusif Sərrac iynəsi əlində başın yuxarı qovzadı, gördü ki, bir əsas peyda oldu və əsla xəyalından keçirmədi ki bu əsas və tədarük onun üçündür. Qabaqda on iki şatır qıvraq geyinmiş, çəharguşə börk başlarında, onların dalısınca on iki ələmdar əlvan ələmlər əllərində, sonra dəsteyi-pişxidmətan ki, birisinin başında bir məcməi var idi. Dəstəyifərraş, əllərində ağac, onların əqəbində miraxur yedəyində birturkmən atı; cəvahir nişan yəhər və əzbab üstündə, mürəssə rəxt başında, mirvarid sinəbənd döşündə, zümrüd qotaz boynunda. Bunlardan sonra mollabaşı və sərdar Zaman xan, vəzir və müstövfü və mövlana Cəmaləddin və münəccimbaşı, üləmayi-giram və sadati-üzam və sair əyan və əşraf və ərbabi-mənasib və bir dəstə piyada və bir dəstə atlı kəmali-şükuh və aram ilə gəlirdilər. Elə ki Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca kürnuş etdilər. Yusif Sərrac ayağa durub təvazö elədi, amma qayət təəccübdə. Sonra Mollabaşı təkəllümə gəlib dedi: – Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri sərəfraz və xoşbəxt eləyin, dərbari-şahiyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun. Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. Bu sözləri ona Mollabaşı deyirdi ki, İranda bir mətin kimsənə hesab olunurdu. Amma keyfyiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onu doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi: – Mənim məxdumum Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü-tac hara? Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə həml edəm... Mat və heyran qalmışam. Təvəqqei-çakəranə edirəm ki, mənə sataşmayasınız! Sərdar Zaman xan sözə şüru elədi: – Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləmiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüurukamildə varıq, amma hərzəti-barinin təqdirinə təbdil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir. Mollabaşının qovluna görə, dərbari-şəhiyə təşrif-fərma olun ki, cülusu-humayun vaqe olsun. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyi-aləmi geyindirin! Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə. Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla öz xahişlərini əmələ gətirsinlər. Elə ki, libas geyinmək tamam oldu, miraxur mürəssə rəxtli atı qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. Fərraşların küçələrdə “Berəvid! Berəvid!” səsi hər dəqiqə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı. Dərbari-şahinin qapısnda fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturtdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl toppuzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi: – Mübarəkbad edin! Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə, şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar. Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu, amma genə əlhəmdü-lillah o halda bir neçə nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-qərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü hikmətdə – Süleymana, səxavətdə – Hatəmə, şücaətdə – Rüstəmə, qüdrətdə – qəza və qədərə təşbeh eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsəncani-Qəzvin belə tapdılar: “Şahi-xuban nəbud Yusifi-ma, Leyk u şahi-mülki-İran şod”. Elə ki, bu əmal tamam oldu, Mollabaşı xalqa elan etdi ki: – Mürəxxəssiniz! Hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar. Yusif şah təhəyyür aləmində fikrə piçidə oldu. Bir neçə dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu: – Siz kimsiniz? Xacə Mübarək cavab verdi ki: – Bəs sizin çakərani-müxlisiniz; xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər. Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki: – Siz kimsiniz? Əzim bəy pişxidmətbaşı cavab verdi ki: – Biz sizin kəminə nökərləriniz, pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər. Yusif şah soruşdu ki: – Bəs o dişqarıda görükənlər kimdir? Əzim bəy cavab verdi ki: – Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kəmərbəstədirlər. Yusif şah buyurdu ki: – Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! Elə ki, hamısı qayib oldu, Yuçif şah xacə Mübarəki yanına çağırıb dedi ki: – Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil. Çünki həmişə şah Abbas oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgusunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. Yusif şah soruşdu ki: – Bəs Şah Abbas haradadır? Xacə Mübarək cavab verdi ki: – Bir gəda libası ilə müləbbas olub napədid oldu. Məlum deyil ki, hardadır. Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi: buyurdu ki: – Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən Mollabaşı Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddin və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən! Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxidmətbaşı Əzim bəyi ehzar edib buyurdu ki: – Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. Pişxidmətbaşı ərz elədi ki: – Tapşırmışam, aşpazlar şam üçün hazır etməyə məşğuldurlar. Şah buyurdu ki: – Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət otağım hansıdır. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə divarfı və səqfi münəqqəş olmuşdu. İkinci otaq da habelə fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. Hərəmxanə otaqlarının cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi. Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki: – Hərəmlərin ziynət otağı hansıdır? Xacə Mübarək ərz elədi ki: – O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı sandıqdar Ağa Həsəndədir. Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqları hazır etdi. Ziynət otağının qapısnı açdılar, şaha göstərdilər: bu bir böyük otaq idi: içində hər tərəfdən sandıqlar düzülmüş. Sadıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir, şalları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış güllər və guşvarələr və üzüklər və mümtaz mivariddən boyunbağılar idi. Yusif şahın üç qızı var idi: böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında Qızlarının hər birinə bir gül və bir güt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim etdi, buyurdu ki: – Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin. Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi. Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi, sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Abtaba-ləgən gəldi, şah əlini yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi. Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki: – Çox yaxşı, mürəxxəssən! Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki: – Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyiqeyri-mütərəqqibədən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabını saldılar. Pişxidmətbaşıya buyurdu ki: – Qaravul müvəkkillərinə tapşır: qərari-sabiq üzrə hər yerdə qaravul qoysunlar. Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə Mübarək çıxdılar. Hər birisi öz məqamına getdi. Sabahı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbimollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccimbaşılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmi-müəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacarmasınlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çızardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalından və xalqın həvaicindən xəbərdar olub, gəlib ərz etsinlər. Yusif şah bu baxıcıları hüzura istəiyb dedi ki: – Hakimi vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, Allahdan qorxsunlar nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur. Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. Hanı damqanlı Cəfər xanın kürurları? Hanı Səlim xan Qaragözlünün dövləti? Hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə vardır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar. Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə, sahibi oları sıxar, tamam sorduqları Qanı qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur. Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal rizqlərinə qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək. Bu sözləri təlqin edəndən sonra şah baxıcıları buraxdı. Sonra buyurdu xirac məbləği mötədil miqdaradək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə, körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə qərərdad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına vagüzar elədi ki, millət mürafiə cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki: vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasın və əmr etdi ki, xüms və imam malı verilməsin ta övladi-rəsuləleyhüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər. Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi-fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsnixidmətini bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divan hər vilayətdə əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə həvaləcatiməsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadi üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili-əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun. Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü-şəra tərk olunsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, bu ümid ilə ki, vədə başında ərbabi-həvaic mülk və mallarının istirdadından aciz olacaqlar. Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlb pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylər-bəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlətlilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə özünə məruf olan şayistə adamlar təyin buyurdu. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Rəməzana veriblər, qüssəsindən ficətən həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki: Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkanlardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxarmaq üçün göftgu olunsun və tədbir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin. Bu vaxtda Qolland taifəsindən bir parası fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçinin əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. Onun nəvazişatından və əql və fərasətindən və ğaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və kəmali-rizaməndlikdə muavidət elədilər. Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyamisəadət və iqbal üz verdi. Lakin çifayda, bəninövi-bəşər heç vaxt yaxşı günə dözməz. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əksik idi ki, genə Allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib göründü. Əvvəl dedilər ki: “Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!” Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süstrəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zindəganlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü. Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və onu qənimət bilməyə fürsəti fövt etmədilər. Hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu: – Sən allah, Mirzə Həbib, de görüm xalq bizim təzə padşahımızın haqqında nə danışır? Mirzə Həbib cavab verdi ki: – Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikarə bilirlər. Miraxur: – Vallah, Mirzə Həbib, xalq bizdən əqillidir. Doğru deyirlər. Sən allah, bu neçə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızın əvəzində mənsəbimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rüsvaylıq olmaz ki, biz tutduq... Xəzinədar: – Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; çarəmiz nə idi? Miraxur: – Xub, Şah Abbas o vaxt padşah idi. Hökmü bizə rəvan idi. İndi ki, Şah Abbas yoxdur aya bizə nə manedir ki, bu məlun və bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, bari nəcabətinə görə təxtü-taca səzavar olsun?! Xəzinədar: – Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyə mən səninlə müvafiqəm. Amma biz iki adamın əlindən nə gələr? Gedək əmiritopxanənin yanına, onun rəyini dəxi hasil edək. Axı, o da bizim kimi məzullardandır. Hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə oların gəlməyindən çox xoşhal oldu. Qayət şövq ilə sözlərinə qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki: – Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış sürət tapmaz. Əmiri-topxanə: – Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənində laməhalə bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək. Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa, məscidə daxil olubdur. Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır. Heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına. Onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə və kəndxudalarla bu xüsusda göftgu etməyi və onların rəyini ələ almağı təəhhüd etsin. Müfəttinlər bir-birlərindən ayrıldılar. Hər birisi getdi iş görməyə. Mətləb çox tez hasil oldu. Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfəttinlər qərar qoydular ki: – Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Müqərrar olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, külli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər... Yusif şah keyfiyyətdən xəbərdar olub buyurdu ki: – Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirzə Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət və aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə tərəfdən açıldı. Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-birləri ilə atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. Hər iki tərəfdən baş və candan keçməyə müzayiqə etmədilər. İş atışmaqdan ötüb şəmşir və xəncər ilə bir-birlərinə həmlə etməyə çatdı. Qan su yerinə axdı. Üç saat yarım kəmali-şiddətlə cəng tul tapdı. Hər iki tərəfdə altı min nəfərə qərib həlak və zəxmdar oldu. Aqibət asari-zəf və inkisar Yusif şahın həvahaxları tərəfindən müşahidə olundu; çünki həqnaşinas xalq peydərpey şəhərdən çıxıb, müfəttinlərin dəstəsinə qoşulub kəsrət və qüvvələrinə bais oldular. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı. Müfəttinlər hücum edib sarayi-şahinin qapıların sındırdılar, içəri daxil olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Kimi söylədi ki, cəng zamanında öz həvaxahlarının dəstəsinə qoşulub özünün hüzurilə oları cəngə dəlir edirdi, əsnayi-cəngdə məqtul oldu; kimi dedi ki, gizlənib, aralıqdan çıxıb, gözdən İtkin düşdü. Xülasə, məqtulların arasında onun nəşi görünmədi. Fəəmma bir başqa yerdə dəxi bu gündən sonra onu nişan verən olmadı. Müfəttinlər sərayi-şahini qarət etdilər. Oradan çıxıb cühud və erməni küçələrinə aşdılar: hamısının evini dağıdıb tarac etdilər, ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovqa sakit oldu. Sabahı gün rüəsayi-şuriş tezdən Ərkə rəvanə oldular. Sərdar zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və mövlana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardıb, güzarişi nəql edib soruşdular: – İndi Səfəviyyə nəslindən hansı şahzadəni təxtü-taca səzavar görürlər? Mövlana Cəmaləddin dedi ki: – Siz allah, deyin görüm bu gün ayın neçəsidir? Miraxur cavab verdi ki: – Bu gün novruzdan on altı gün keçibdir. Mövlana bəşaşət zahir edib dedi ki: – Dəxi qəm çəkməyin, şuriş dünən vaqe olubdur. Məlumdur ki, afət keçibdir və Səfəviyyə şahzadələrinin heç birisi səltənətə şayistə deyil: tamam kəməndiş və kordurlar. Bir parasını Şah İsmayıl sani kor edibdir, bir parasın Şah Abbas özü: olar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. Bizim padşahımız gənə Şah Abbasdır! Miraxur dedi ki: – Biz onun padşahlığına çox şadıq. Onun dövründə bizim hamımıza çox xoş keçirdi. Çifayda, nə eliyək ki, o təxtü-tacdan əl çəkib gözdən itibdir. İndi bilmirik ki, haradadır. Mövlana güldü, dedi ki: – Onun taxtü-tacdan əl çəkməyinin səbəbi var idi. İndi o səbəb rəf olubdur. Biz bilirik ki, o, harada gizlənibdir. Gedək gətirək, imarətinə yetirək! Hamsı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü-tacına əvvəlki kimi malik oldu. Hər iş qərari sabiq üzrə sürət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı. Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahi-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaqlığına və cəbbarlığına bietina nazir oldular? Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikincisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi nəvəsi ona varis oldu. Amma kəvakibi və qınamaq [yeri] yoxdur. Şah Abbasın xudişəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgis xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar... Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdır cəng başlayalar. * * * == Şeirlər == Zəmanədən şikayət Fəsad ilə dolu göylər edərkən tərsinə dövran, Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan. Şərabım – qanlı göz yaşı, gözün peymanəsi – badəm, Yerim bir külxən olmuşdu, ənisim ah ilə əfqan. Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı. Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından. Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu. Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an. Hər hansı qapını döydüm, məni rədd etdilər dərhal, Haranı mənzil etdimsə, o mənzil oldu bir zindan. Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!.. Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan. Kimə mən dost dedim, gördüm dönüb öz düşmənim oldu. Kimə mən ram oldumsa, dönüb mar oldu biiman. Həyatdan bunca bezdim ki, gəlib təngə dedim: “ay kaş, Bu dörd ünsür əzəl gündən olaydı xak ilə yeksan”. Ki birdən daxili bir səs dedi: “səhv etmə, ay aqil, Saqın sən, qafil olma, qaç, uzaş bu qəm yuvasından. Məgər bilmirmisən hər kim gedərsə Tiflisə şəksiz Olar hər bir fülusu zər, palazı ətləsi-əlvan. Xüsusilə vəfadarlıq, təvazö, ehtiram, həm də Yaman gündə dada çatmaq oranın şəninə şayan. Yaşar orda bilikli bir fəzilət sahibi alim, Ki, aləm içrə yoxdur heç onun mislində bir insan Hamı ondan qalar razı, hamı didarına mayil, Alar hər kəs kömək ondan, fəqirlər dərdinə dərman, Qədər əmrində bir quldur, fələklər hökmünə tabe. Qəza həqdən gətirmişdir ona qaziliyə fərman. O hər bir sirrə arifdir, sözün yaqutinə sərraf. Biliklərlə dolan qəlbi cahan nur saçır xəndan. Görüşdə Rumidən artıq, məqamı Şəmsdən yüksək, Bilikdə, fənni-hikmətdə böyükdür İbn Sinadan. Onunla Tiflisin xalqı gözəllikdə olub məşhur, Necə gülşəndə gül qədri olar bülbüllə cavidan. Deyəndə incə sözlər, ya fəsahət göstərən dəmdə, Qoyar Səhbanı xiclətdə, edər Xaqanini heyran. Bütün qazilər ondan bil, alarlar təfsirin dərsin, Ona Qaziyyi-Beyzavi olar şagird-əlif, beyxan”. Səbuhinin dili aciz onu vəsf etmək istərkən, Gərəkdir üzbəüz durmaq, sora yazmaq ona dastan, Mənə hatif dedi: “ruhum, yaraşmaz ki, bu idrakla, O cür dildarə çatmaqçın sənə mane ola hicran. Bilik dünyasına hakim, vəfada misli yoxdur heç, Onun idrakı çox yüksək, onun tərifi bipayan”. * * * A.S.Puşkinin ölümünə Şərq poeması Gecə etdim uyqumu kənar, Sordum: “Ey sir çeşməsi-ürəyim, nə var? Nədən ötməz bağçanın şeyda bülbülü, Nədən qılmaz nitqinin tutisi göftar? Şeir yolun, söz yolun yoxsa kəsilmiş. Hanı xəyal qasidin, o yüngül çapar? Yaz gəlmiş; hər tərəfdə çəmən qızları, Bəzənib, camalını etmiş aşikar. Çevrilmiş çayır, çəmən bənöfşəliyə Bağda odlu qönçələr açmış budaqlar. Çöl gəlini bəzənmiş; dağlar onunçün Ətək-ətək çiçəkdən cəvahir saçar. Başını tac qoyub da şükufələrdən, Oturmuş ağacların şahı pürvüqar. Süsən, zanbaq içirlər jalə şərabdan. Lalə qədəhlərində təkrar...təkrar... Göy çəməni yasəmən öylə donatmış, Nərgizin süzgün gözü baxsa qamaşar. Dimdiyində töhfəsi-gül yarpağından – Xoş gəldin, deyə bülbül ötər bəxtiyar. Bəstəkəmər buludlar sular gülşəni. Ətirli dan yelləri olmuş bir əttar. Yumşaq səslərlə quşlar deyir səbzəyə; – Götür torpaq pərdəni üzündən, ey yar! Həpsinin əli dolu, həpsi sevdalı, Bu bazarda nə dürlü məta desən var. Kimi gözəlliyilə cilvə göstərib, Kimi fəğanla eylər eşqini izhar. Keçirməkdə vaxtını şənliklə həpsi, Həpsi qəmdən, qüssədən eyləmiş fərar. Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb, Sənsən ancaq olmayan uyqudan bidar. Ürəyində həvəs yox, başında sevda, Dolaşırsan şöhrətdən, xəyaldan kənar. Söylə, sən haman könül deyilmisən ki, Dür sözlərçin fikirlər bəhrinə cumar. Məna gözəllərindən ötrü yapardın, İnci düzümlərindən zinəti-rüsxar? Bəs məlamət nədir, bu məlal nədir, Nədir varlığa qarşı bunca iğbirar?.. Könlüm dedi: “Ey mənim təklik yoldaşım, Var, get, bir də toxunma hissimə zinhar!.. Çəmən qızları kimi, mən bilməmişdim Yaz yelinin dalınca payız yeli var. Söz atını qovub da, qılınc dilimlə Adından hər tərəfdə çəkəcəyəm car. Bizim axırımız da bəllidir bu gün Bu vəfasız dövrana yoxdur etibar. Ağılsızdır o quş ki, tordan çıxarkən, Danəyçin olur yenə tora giriftar. Bu nə şandır ki, bilməm güclü sədası Səma boşluqlarında şiddətlə gurlar. Başqa xəyal etmə ki, bəllidir, fələk Əhliylə daim eylər tərsinə rəftar. Ey dünyadan xəbərsiz, eşitmədinmi Söz ordusu başçısı Puşkindən əxbar? O Puşkin ki, nüktəyə başlayan zaman Hər bucaqdan qopardı coşğun alqışlar? O Puşkin ki, kağız da qaralanırdı, Qələmi etsin deyə, üstündən güzar? Xəyalı, tavus kibi, bərli-bəzəkli, Sözdən qərib naxışalr eylərdi izhar? Həzm evini süsləyən Lomonovdu. Orda Puşkin xəyalı oldu bərqərar. Derjavin tutmuşdusa sözün mülkünü, Yerində Puşkin oldu nəzmilə muxtar. Camə bilik meyini tökdü Kapamzin Puşkinə qismət oldu o cami-gülnar. Çar kibi, Çindən tutub Tatara qədər Dolaşırdı şöhrəti diyarbədiyar. Şimalın göylərində – Şərq hilalı tək – Barmağı bir işarə eylərdi ixtar. Bu dildə, bu zəkada bir oğul hələ Görməmiş “yeddi” ata, “dörd” ana zinhar. Təəccüblə dinlə ki, böylə valideyn Sərt davranıb, etmədi bu sərtlikdən ar. Onu əcəl oxuna nişan qoyub da, Varlığını eylədi ölüm tarimar. Zülm, qara buludlardan dolu yağdırıb, Tökdü ömür barını etdi xakisar. Söndürdü əcəl yeli çıraq ruhunu. Susqun gecələr kimi, cismi oldu tar. El bağında, əlində sitəm külüngü Cavan belini qırdı zalim ruzigar. İncili mənaların məxzəni bir baş Olmuş ilan məskəni, bir xarabazar. Cisminin yuvasından uçdu can quşu, Böyük, kiçik qəmindən çəkdi ahu-zar. Bülbül, təbinə həmdəm – qönçə könlündən Xəbər verməz torpaqdan baş çıxarsa xar. Rus torpağı yas tutub, fəğan qılır ki. – Ey qatillər əlilə ölən namidar. Qurtulmadın zamanın qanlı şərindən, Tilsimin də olmadı səən həvadar. Sən ki, çıxdın dostların əlindən, buraq, Üstündə haqq rəhməti olsun sayədar. Torpağına saçmağa iki gül ətri, Qopar Baxçasaraydan bir incə rüzgar, Tutulub bu xəbərdən ağ saçlı Qafqaz Səbuhinin şerilə yasını saxlar. * * * Təcnis Əsiriyəm bir dilbərin ki, əgər Xəncərlə şan-şan o yara məni, Visalından bullam həyati-tazə Yəqin bil, öldürməz o yara məni. Əmən məmən neylər cənnətin narın? Düzəxə bənzətməm firqətin narın, Rişteyi-can olmuş telindən narın Dilər eldən: yetir o yara məni. Dərdə kimin vardır mən tək davamı. Eşqin məriziyəm, sən ver dəvamı. Hər aşiqin candır eşqində vamı, Göstərməsin malı o yara məni. Rəqiblərdən gəlləm sənə divanə, Göstərmə rüxsarın sən bu divanə. Yolunda bil hər aqilü divanə. Salsa çətin dağı o yara məni. Ciyərdəndir gözümdən tökdüyüm hər dəm, Atəşi-suzandır çəkdiyim hər dəm, Can quşunu avaz edəndə hər dəm, Oxur zülfündəyəm, o yara məni. * * * Təcnisi-digər Çıxıb gül fəslində seyrə nigarım, Sənalar eylərəm baharü yayə. Doyunca gör qəddin, gözüm, bu qəmlə Ömr çatmaz bir dəxi ilə və ayə. Dedim: dilbər, məndən gəzmə dəxi dur, Yolunda payəndaz baş ilə can dur. Dedi: çün oxşatdın, məndən uzaq dur, Qəmzəmi peykanə, qaşımı yayə. Söylə, səba, yarə, əsib o yana, Olurmu bir əhvalıma o yana, Səhər ki, xabından sərxoş oyana, Bənöfşə tək üzdə telini yayə. Əcəl saqisindən allam peymanə. Vəfa gər etməsən əhdü peymanə, Məsturə tələtin cahan peymanə, Nə nisbəti onun xurşidə, yayə. Sək rəqibin, ya rəb, başına qarə. Baxmasın bir də o sinəsi qarə. Mənə ki, rəhm etməz o bağrı qarə, Oxusan yüz ona hədisü ayə. * * * Mədhiyyə Kapitan İqranoviç haqqında Şahi-şahan imperator, xosrovi-keyvan sərir, Padişahani-cahan olmuş onunçun dəstgir. Ədlilə tutmuş cahanı pərtövi-xurşid tək, Hər kəminə çakəri əflakə qoymuşdur sərir. Qubbeyi-xərgahı doqquz çərxi-minadən keçib, Dadi-məzlumu sütun qalmış ədaləti cərir. Xosrovi-səyyarə baş açmış üfüqdən hər səhər. Asitani-ərş simasında qullar tək həqir. Çadiri-nili çəkib başına çərxi-lacivərd, Türreyi-şəbrəngə vurmuş şanə bu bədri-munir. Bir kənizi-mətbəxi qılmış özün ixlas ilə. Eyləyib cismi-lətifin barıgahında həsir. Yeddi göylər cəbhəsin mina qılıb əncüm belə. Boynuna zəncir salmış kəhkəşandan çərxi-pir. Buqeyi-hər xakə təyin eyləmiş bir sərfəraz. Hər biri İskəndəri-sani cahanda binəzir. Sərhədi-İrana qoymuş kapitan İqranoviç. Çeşmi-gərdun görməmiş devranda bir beylə əmir. Rəşki-firdovsi-bərin qılmış Muğanı sərbəsər, Şahsevən yeksər olubdur xaki-payında əsir. Etməyib dünya qulağına kəlamı tək kəlam, Görməyib çeşmi-fələk bir beylə hüşyarü bəsir. Hər kimin qəlbində bir sirri-nihan olmuş ola. İsiyi-Məryəm kimi əsrarə olmuşdur xəbir. Düşməni-bədxu əyər kəndusuna qarşı dura, Rubəh-asa titrər əzası görüb guya ki, şir. Əncüm-əflakı mühit etmiş cünudi-rus tək. Yer üzün təxsir qılmış ədl ilə Petri-Kər, Navəki-dilduzu şiri-çərxdən pərran keçib, Eylə kim asan keçər kərbasdan qərran tir. Mehri xavər bədri-ənvər çərxi-ətləs, sübhü-şam. Xani-mətbəxxanəsicün dəhr edib iki, fətir. Zakoni-İsanı ehya eyləmişdir necə kim, Eyləyibdir zində ənvatı Məsihullahi-pir. Tövsəni-təbim genə “İqranoviçin mədhini, Xingi-gərdun tək səriusseyr dər-vəqti-məsir. Xidmətində baş açıbdır bir mütərcim sübhü şam, Eylə kim gün qarşısında baş açıb bədri-munir. Adına Mirzə İbadullah deyər əhli-cahan Qaməti xoş xətti dilkeş, yox onunçün bir nəzir. Madəri-gərdun onun tək doğmayıbdır bir cavan. Səfheyi-dövranda yad etməz onun tək dəhr pir, Xətti kağız üstə müşki-Çin təkdir dilfirib, Dudeyi-kilki-lətifi guiya vardır əbir. Mir Fəttah Mir Nizam oğlu sənə məddahdır, Bir kərəm qıl, qoyma qalsın dəhr ara xarü həqir. Zəhməti məhzi-rizayi-həqq üçündür, şah üçün, Eyləməz bir yol təmənna hiç kəsdən bu əmir. Həm mütərcim, həm özü vəqf eyləyib canın şəhə, Gecə-gündüz yatmayıb heç birisi bir ləhzə sir. Çox kəsə cibi-mübarəkdən verir altunü zər, Çoxların fəryadına yetmiş bu qapdan, ey bəsir! * * * Mirzə Fətəlinin şanlı vəliəhd əlahəzrətin tərifinə yazdığı qasidə Ey Gürcüstan torpağı, fəxr et ki, şahlar şahının oğlu, Dəniz və quru üzərində sürətlə və asan səyahət etmişdir. Üzərinə qədəm qoyub sənə yenidən həyat verdi, Hindistan ölkəsi bu gün sənin şöhrətinin həsrətini çəkir. O, indi şimaldan parlayıb zühur etdisə də, Sən, ona dünyanı bəsləyən parlaq günəş de! Şadlığa hazırlaş, hər cür qəmdən azad ol Ki, bu padşah nə Abbasdır, nə də Teymur Kurakandır. Misilsiz həzrətin iltifatından xoşbəxt olan Atasının vəliəhdi, padşahlar taxtının bəzəyidir. Onun iki adaşlarından bütün dünyanı təslim edən birincisi Dünyada yunan xalqının çırağını işıqlandırdı. Onun parlamasının cəlalını artırdı, ona izzət yolu göstərdi, Nə qədər əqilli bir hakim, necə bir başçılar başçısı. Onun başqa adaşı olan mübarək qədəmli, yaxşı əməlli xaqan, Yevropa padşahlarını Napoleondan qurtardı. Öz məmləkətinə əmniyyət, öz işinə bəzək verdi. Onun adı Ənuşirəvanın adı kimi dünya durduqca yaşadı. Ona da o birisi kimi dünyanın adlı-sanlısı olmaq layiqdir, Çünki, Nikolayın Fileqosa qədər sonsuz fərq var, Bu da onun kimi şahlara minnət qoymağa layiqdir. Çünki, bu onun sarayından onun taxtına varisdir. Onun cəlalı üçün bu kifayətdir ki, taleinin humayı Parlaq ayın və günəşin üzərində həmişəlik dövr edir. Ey Gürcüstan torpağı, indi səni bu mübarək üzlü, Dünyanın allahının əmri ilə bu gür şərəfləndirmişdir. Bu allah kölgəsinin kölgəsi altında mütləq qüdrət sahibinin lütfü ilə Çoxlu asayiş və şöhrətlər görəcəksən. Onun dövründə özün üçün bolluq illəri görəcəksən. Onun zamanında illər uzunu xoşbaxt olacaqsan. Sənin könül açan fəzan İrəm bağı olacaqdır. Rum və İran ölkələri həmişə sənin həsrətini çəkəcəklər, Gələcək haqqındakı bu falın həqiqiliyini öz gözümlə görürəm. Bunlar dövlətin rüknü olan Voronsovun barəsində sübut edilmişdir. Onun feyz və ehsan buludundan su içdiyi zamanda, Səxavət çiskini ilə parladığın kimi parlayacaqsan. Sənin cavanların mübarək gününü xatırlarkən, Təşəkkürlə öz can nəqdlərini xidmətində sərf edərlər. Şota Rustaveli və Bisryan xalqının oğulları, Ona gürcü şeirlərində tərif oxuyarlar, Onun dövlətinin həmişə qalmasının arzusu ilə Nəsimi kimi öz sözlərindən onun sarayına töhfələr yetirərlər. * * * Zakirə məktub Qasım bəy, eşitdim yaxın olubsan Xan qızına, axır nədir bu rəftar? Edibsən xubları yüz yol imtahan, Eylərsən onlara yenə etibar? Yeyib otağında şamü nəharın, Kəsdiribsən yasdığının kənarın, Eşidirsən şirin-şirin göftarın, Kişi, sənin, vallah, əcəb işin var! Dediyin qafiyə ona xoş gəlib, Qaçan bəxtin indi sənə tuş gəlib, Sövdalı başına təzə huş gəlib, Təəccüb eylərəm büsyar, büsyar! Səni pərivəşlər salıb bu halə, Döndəriblər əlif qəddini dalə; Çəkərdin onlardan həmişə nalə, Nədir yenə dildə əzbər olub yarlı?! Xan qızı məhvəşdir, bir el, aləm, Məhvəşlər atəşdir, bizik əqli kəm; Yüz il xidmət edə oda bir adəm, Yenə düşən dəmdə ona, bil, yanar. Xudadan isrətəm versin müradın, Yamanlığa hərgiz çəkmərəm adın. Yolunda zəhmətin, rənci-ziyadın, Mən çəkdim, o etdi məni şərmsar. Özgə cəfalarım dursun kənarə, Nə lazım hər birin salmaq şümarə, Xeyr işinə onun mən o diyarə, Şadü xürrəm getdim, qayıtdım bəs xar. O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Növcavandır, təkdir, iyzədi-davər, Eyləsin ömründən onu kamgar. Rəvadırmı çəkə biəsurdü bixab... Bəstəri-möhnətdə bu qədər əzab?! Duayi-xeyrinə eyliyin şitab, Siz də mənim kimi hər leylü nahar. Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xal ola kənarı? Olsun ona mövlam yavərü qəmxar? Mənim də var gərçi bir az günahım, Sən get hüzuruna ol üzrxahım, Söylə ki, ey şahım, ey qibləgahım, İncimə, gər etdim şikayət izhar! * * * Zakirə məktub Ey Qasım bəy, əcəb dövranə çatdıq, Mərdə indi olmaz başü can gərək! Qoç igidlər döyüş günü meydanda, Düşməninə qanlar ağladan gərək! Yapalaq osmanlı, bəri bax, kişi, İstəyir yerisin şahbaz yerişi! Sınar pərü balı, pozular işi, Qulluğumuz rusə nümayan gərək. Osmanlıya yoldaş olubdur firəng, Bir də özün sanan dəryada nəhəng. “Edə billik, – derlər, – urus ilə cəng” Belə işə urus şadiman gərək! Kiçik Napolyon da görəcək, bilun, O günü ki, gördü böyük Napolyon! İngilisə əgər biz verməsək un, Onun əhvalına ağlayan gərək! Söz müxtəsər, dünən yetişdi xəbər; İmperator yəni edib müqərrər, Dunay çayın keçib bir bölük əsgər, Ötə-aşa kuhi-Balakan gərək! Bunda şübhə edən gərək ola gic, Aşmadımı əqdəm o dağı Dibiç? Almadımı Ərzrumu Paskeviç? Fəthi-rusə artıq nə bürhan gərək? İndi Qarabağın igidlərinə, Kimdir şücaətdə ola qərinə? Yetişəcək hər biri düşmən sərinə, De ki, baydaq yıxıb, top alan gərək. Köhlən at üstündə, qılınc belində, Meydana üz qoyub tüfəng əlində, Gah sağına xəsmin, gahi solunda, Çıxarda naleyi-əlaman gərək! Doğmamış Qafqazda analar qorxar Bizə döyüş gərək, nə biçin-başaq? Yenə Peterburqa sizlərdən baydaq, Bu il də istərik aparan gərək! * * * Tərifnamə Ey Keyqubad taxtında əyləşən! Şahlığın onda həmişəlik olsun. Mənim bu əməyimə tərəf nəzər sal, Ki, bu mənim sərmayə və xəzinəmdir. Zəmanə şahının astanasına layiq Əgərçi töhfəm çox kiçikdir, Ondan başqa töhfəm yoxdur. Ancaq sədaqətdə heç kəsdən əskik deyiləm. Dünyanın, hadisələri olan bu namədə, Bir şahı sədaqətlə həmişəlik bəyəndim, Ki, İran ondan bəzək tapdı, Bütün işlər intizam və tərtib tapdı. Elə ki, fərmanvericilik taxtına əyləşdi, Öz qəhredici qüvvəsi ilə məmləkətdə fitnə qapısını bağladı. Zirəkliklə gələcəyin fikrini etdi. Ədalət və səxavətlə öz adını diriltdi. Taxta əyləşdiyi vaxtdan, rus padşahı ilə Dostluq rəsmlərini saxlamışdır. Ey şah, bil ki, mənim bu kitabım Sənin gözəl işlərini dünyaya nişan verər. Baxışlarını İranın ətrafına tikərək, O ölkənin xəbərlərini yığaraq, Uca səs ilə dünyaya oxuyar. Nasirəddin çox hörmətli şahdır. Xoşbəxt və mələk sifətli padşahdır. Xasiyyəti ilə tac və taxtı yüksəldən Tədbiri ilə hər işə ki, başlayır, Aydın iradəsini nəzərdə tutur. Ey padşah, sənin məmləkətinin xəbərləri, Sənin işlərini aşkar edir. Həmişə səni tərif edən kitabım Bu yaxşı işdə ondan yardım aldı. Şaha layiq saysız inciləri. Bir üzücü kimi o dənizdən çıxarır, Hər vaxt onları adamlara bağışlayır. Qafqaz ucqarından polyak yurduna qədər, Dünyanı başdan-başa sənin dövründə, Sənin adının şöhrəti ilə doldurur. Bütün bəşər tayfaları bilsinlər ki, Ey ədalətli, sənin bu gözəl dövründə, İran sənin sayəndə nə qədər rahatdır, Ey tac sahibi, bu məsnəvi ilə sənə tərif yazdım. Əgər ki, etibarca Onun qiyməti haqqında lovğalanmağa dəyməz. Ancaq onu səmimi sədaqətimin əlaməti hesab et! Ruslardan bir kiçik şairəm, Həzrətinizə sədaqət bəsləyirəm. Ümidim vardır ki, bu neçə beyt Ki, qaranlıq xatirimdə nəqş bağladı. Şahın mərhəmət günəşinin işığından Ay günəşdən işıqlandığı kimi, işıqlanacaqdır. Səxavətinlə məni də başı uca et! Şadlıq qapısını üzümə aç! Fikri aydın bilicilər nə gözəl demişdir: “Şahların kölgəsi könüldən qəmi aparar!” * * * Müxəmməs Zivər nə səzadır sənə ey dilbəri-ziba! Binəqs yaratmış səni ol xalqi-yekta! Deş bağrını dürdanələrin, boynuna asma! Et vəsməyə sən qaşü qabaq, ey qədi mina! Yum gözünü həm sürmədən, ey gözləri şəhla! Kirşan, sənəma, ayineyi-ruyun edər tar Qoy həsrəti-vəchində ərisin onu zinhar. Gər qazə dəxi meyli-rüxun eyləsə izhar, Tök qanını öz dəstin ilə, ey büti-əyyar! Axır nəçidir vəslini o edə təmənna?! Hüsnün sözü hər firqəyədir türfə fəsanə, Salmış bu zaman mehri-rüxun şölə cəhanə. Döndərdi sənin rəşki-ləbin badəni qanə, Düşsün tora, ya rəb, girə gər zülfünə şanə, Onun nə rəvadır düşə başına bu sövda?! Əngüştərinin gözünə barmaq ola hər dəm, Gər meyl qıla kim ola dəstində mükərrəm, Əlbəttə edərsən kəmərin qamətini xəm, Bundan sora ta edə miyanın həvəsin kəm, Lütfü nəzərin kəsmə vəfadardan əmma! Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa! Aşiqlərinə məbəd olub deyrü kəlisa! Məndən sənə vəsf istədi şıxlı Əli Ağa, Dedim: səni vəsf etməyə manəndi-Məsiha Ruhülqüdüs imdadı gərək nitqi-Məsiha. * * * Cəfərqulu xana Səlam olsun məndən sərkar xana, Mollalardan bir az edim şikayət. Münkirdirlər əhadisə, qurana, Çifaidə gecdir hələ qiyamət! Yetmişəm bulardan qələd cana, Heç birisi yoxdur gələ imana. Görməmişəm belə əsrü zamana, Bular sarı nahəqq etdik siyahət! İstəmənik derlər xətti-cədidi, Əbəs yerə döymə soyuq hədidi, Üştüri-binoxta hərgiz büdidi? Bizlərdə nöqtəsiz olmaz kitabət! Qəzəb etsin tanrı belə millətə! Rəva deyil bular girə cənnətə, Nə vacibə qail, nə də sünnətə, Görməsinlər peyğəmbərdən şəfaət!.. Biri söylər: “Nədir bu nuni-səğir? Lazım deyil bizə nə zəbər, nə zir! Yazacağıq elə begiri Bəkir! Sən ha çığır-bağır elə məlamət!” Bir neçəsi üzdə müsəddiq olur, Qaib olur məndən, münafiq olur. Mirzə Əli ancaq ki, sadiq olur, Yerdə qalan cümlə tapır zəlalət! Bilmirəm ki, nədir bu işə çarə! Gəlimmi mən Qarabağa dübarə? Olmasa gər xandan cüzi işarə, Əlifbey sarıdan olmanam rahət! * * * Cəfərqulu xana Hacı qulu səndən, ey taci-sərim, Ziyadə-ziyadə xürrəm olubdur! Söz veribdir sizə Qruzenştern, Poçotniklik işi möhkəm olubdur. Dünən güzar etmiş idi bu yana, Çox söhbət eylədi Süleyman xana, Guya bu müjdədən olub divana, Papaq və saqqalı püfnəm olubdur. Həmişə sizlərdən eylərdi qeybət, Deyərdi, verməzsiz qədrinə qiymət. Hanı onda indi əvvəlki halət? Bir əcaib məddah adəm olubdur! Bundan əqdəm on put qədri həlviyat, Mir Pəncəyə sizdən olubdur sövqat. Döşüyəndə Hacı qutuya qat-qat, Nisfindən artıcaq, bil, kəm olubdur! Dedi: “Gərçi etdim onda bu işi, İndi dəyişmişəm belə rəvişi. Mən olmuşam xana ixlaslı kişi, Köhnə niyyətlərim bərhəm olubdur”. Pənah xan nəslindən dəxi bir adəm, Tövbə etdi, aldatmayam dəmadəm. Haciyi-möhtərəm, ey qibləgahəm, Guya İbrahimi-Ədhəm olubdur! Bundan belə olsun sizə bəşarət, Hacı olub indi əhli-kəramət. Gərək ola ona hər yerdə hörmət, Cənabi-dövlətdən əkrəm olubdur! Qruzenşternə sizdən bir namə, Gərəkdir yazıla, yetə əncamə. Yəqindir yetirir işin itmamə, Zəxminə vədəsi mərhəm olubdur! * * * Cəfərqulu xana məktub Səbəb nədir kim, yazdığım kağıza, Heç cavab yetişməz bizim diyara? Lütfi-xan kəm olub yəqin ki, məndən, Əyləşib könlümə bir belə qara. Oturub eylərəm fikir hər zaman: Nə üçün bir kağız yazmaz mənə xan? Yəqin ki, bizlərdən olmuş bədgüman, Kəsildi yol, belə bağlandı ara. Lazım olmuş mənə kim, yazım əhval, Nə gunə keçinir keyfiyyəti-hal. Əvvəl ki, qar tutub dağı salbəsal Taqətdən düşübdür həm malü qara. Başımıza gəldi dağda gör nə iş: Gecə-gündüz yağır peydərpey yağış. Bilmək olmaz yazdır, ya payız, ya qış, Nahaq qaldıq bu il həsrət bahara. Anlayıbsınız ki, bu xalqın pis işi, Qoymayacaq gəlsin çəyirtkə quşi, Öyrətdiniz molla oxusun daşı, Tufan salsın şəhrə, çölə, dağlara. İkinci təqərrür olunan xidmət, İnşallah düzəlir, gər olsa fürsət. Qalaya gələndə eylərik söhbət, Etdiyim əməllər olur aşkara... Sındırdın balın və pərin Cəmalın, Çıxartdın əlindən yerin Cəmalın. Bir işə salıbsan sərin Cəmalın, Əlinizdən məgər ölə, qurtara!.. Bu yerdən ötəri, bir para əhval, Xidmətinə yazıb etmişəm irsal, Cavabını tez yazdırıb yola sal, Bu iş də düzəlsin var ikən çara. * * * Çeşmə kitabəsi Bir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi, Məscidi-Batum civarində nəziri-səlsəbil. Yandı üstündə onun pəh-pəh əcayib sayəban, Hüsni-əxlaqilə məmduhu kərəmdə biədil Yəni Zünnureyn həm namı olur Şövqi ləqəb, Şimdi Lazistanadır qaimməqami-bibədil, Səlsəbil Osmani, Şövqiyə inayət eyləyə, Cənnətül-məvadə fərda həzrəti-rəbbi-cəlil. İstəsən ol sayəban tarixi məlumun ola, Misrəi-rabidəki üç kəlmədən al ey aqil! Yazdı bu tarixi türfə şerini Fəthi-Əli Müntəzirkən vapora Batumdadır ayəndə yil. * * * Səidə xitab Səida, nuri-çeşmim, bir nəsihət daxı məndən al! Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma! Oxu türkü ərəb, fürsü firəng dillərini öyrən, Tələb et hüsni-inşanı və hüsni-xətti axtarma! Müqəffavü müsəccə yazmağı bilmərrə tərk eylə, Kəlamın vazeh olsun, mətləbi təkrar ilə yazma! Təkəllümdə və vəz ilə sölərsən mətləbi sadə, Şu vəzi hini-təhrirində daxı yaddan aparma! * * * Fuad paşanın mədhində Hər tərəfdən əhli-islamə bu gün təbşirdir. Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir. Şükr lillah ali-Osman dövlətində bu zaman, Zinət əfzayi-sədarət sədri-pur-tədbirdir. Şöhrətin tutmuş cahanı, əqldə, həm elmdə, Zikr xeyrin, Asəfa, məzkuri-bürna, pirdir. Çünki bilmiş xosrovi-zimərhəmət bu əsrdə, Məmləkət hifzində rəyin behtər əz-şəmşirdir, İntixab etmiş səni bu rütbeyi-üzmayə ol, Müsliminə bu səadət həqqdən təqdirdir. Mən dəxi ümmidvaram bu səadətdən olam, Bəhrəyab, əmma muradım xaric əz-təqrirdir. Qeyrəti-İslamdan məmlu könül birlə bu dəm, Üz çevirdim dərgəhüzə, zuddur ya dirdir. Siz bilirsiniz dəftər içrə ərzimi şərh etmişəm. Sədri-dövran əmri övsafında zu təsirdir. Qıl himayət sən dəxi Fəthi-Əliyə necə kim, Fatihi-Xeybər sənə hamiyyü dəstgirdir. * * * Yeni əlifba haqqında mənzumə Bu daimi olmayan dünyada mənim ömrüm, Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi üzündən, Çox tədbirlərə əl atdım. Ancaq səyim bir nəticə vermədi, Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağını böyükləri Hamısı Çin xalqı kimi yatmışdılar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim, Yeni əlifbanı o ölkədə Bütün dövlət başçılarına göstərdim. Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə “Yüz sağ ol!”dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. O dəqiqədə səadət mənimlə həmnəfəsdi. Birdən bir sarı üzlü kişicik Mənim arzu piyalama zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi. O natəmiz kişi, bu ittiham ilə, Məni hər kəsin yanında xatırlayırdı. O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını qorxutdu. “Onillik zəhmətim onun sayəsində heç oldu, Yerdən sızıltımı göy eşitdi. Pak Allah mənim köməyimə çatsın, Qiyamətdə ondan mənim qisasımı alsın”. Eşitdim ki, onun atası uşaqlıqda, Qəzvində üzü tüksüzlərdən biri imiş. O ay üzlü bir çox illər uzunu, Hamamlarda kisə çəkən olubmuş, Azadə şahənşahın dövründə Heyif ki, bir... vəzir olmuşdur, Ey İran cəmaəti, layiq deyil ki, Məfulun birisi belə fəal olsun! Çarəsiz Rum torpağından qayıtdım, Orda qalmaq mənim üçün uğursuz idi, Bu nəticəsiz gedib gəlmək haqqında, Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına yoldan, Ürəksevən bir məktub yazdım, Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni qapı açdım. Bilmirəm onun himmətimi alçaq idi, Ya o, gecə-gündüz sərxoş idi, Bu vəzir mənə cavab vermədi, Məqsədim üçün əl tutmadı. Başqa bir vəzir də dodaqlarını tərpətmişdi. Bu məsələ haqqında öz fikrini demişdi Ki, biz İran xalqı kiçikdən böyüyə qədər, Atəşpərəstdən, xristiandan, farsdan türkə qədər, Hamımız zirək və mərifət sahibləriyik. Zəka üzündən həmişə fikirdəyik. Yazının çətinliyindən qorxumuz yoxdur, Çala-çuxurdan çıxmaq üçün, korlara yol göstərən lazımdır. Heç kəsdən yeni yazı qəbul etmərik. Bizim öz yazımız və öz fikrimiz kifayətdir. Sonra bu fikri ilə güvənmişdi, Əlinin içi ilə saqqalını tumarlamışdı. O məclisdə sıra ilə oturanların hamısı Ona demişdi: “Sağ ol, ey fikir deyən! Doğru sözünə min afərin olsun, Hikmətdə sənə heç kəs bərabər ola bilməz, Qəlbin işıqlıdır, sözün sağlamdır, Onu rədd etmək üçün Ərəstu belə cavab tapmaz”. Təəssüf ki, gözəl xasiyyətli şahənşahın Vəzirlərin axmaqlığından xəbəri yoxdur, Heyif ki, fərasətli və huşlu şahənşah Heyvərələrin işindən sakit oturur. Heyif ki, ədalətli hökm verən Bu əlifbanı başdan-başa görmədi, Heyif ki, onun parlaq dövründə Abırlı bir vəzir görmədik. Hamısı töməkar, hünərsiz, ağılsızdırlar, Kim onların adını yaxşılıqla çəkər? Hərçənd onun dövrünün başlanğıcında Şərqdə İldırım kimi bir vəzir parladı, Ancaq o, ruslar ölkəsində vəzirlik edən Boris kimi bir vəzir idi. Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün, Ömrü Boris kimi zay oldu. Bu rəmzi bu padşah anlarsa Onun ömrü günəş və ay kimi olsun. Ki, dövlət millətin pərəstarı olmalıdır. Millət dövlətin pərəstarı olmamalıdır. Ey Keyqubadın taxtında əyləşən, Onun üzərində şahlığın daimi olsun! Eşitdinmi ki, rus ölkəsində, Himmətlə, qeyrətlə, namusla Aleksandr rus millətinə nə yaxşılıq etdi Ad çıxarmaqda dünyada kişi oldu. Eşitdinmi, ki, Palmertson Britaniyalılar üçün nələr etdi? Sən Vilhelmi, O ağıllı, elm sahibi kralı eşitdinmi? Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır, Ona görə də dövründə mülkü behişt kimidir. Sən Bismarkı eşitdinmi Ki, başını göylərə yüksəltdi. Onun fikrindən nə cür tədbirlər baş verdi? Vətəni uğrunda müharibə etdi. Eşitdinmi ki, inişil, Haribaldi Öz ay üzlü arvadı ilə Nə kimi cəsarətli müharibələr etdi, Vətənini yadlardan təmizlədi. Hər yerdə ki, o döyüşlə məşğul idi. Arvadı arxasında ona kömək idi. Sən Linkolnu, Canını millətə necə qurban etdiyini eşitdinmi? Tyeri eşidibsənmi ki, indi Onun ömründən səksən il keçir. Vətəni üçün həmişə kədərlidir, O, pul və rahatlıq qayğısında deyildir. Ey padşah, vəzirlərin nə etmişlər? Onların işinə özün şahid ol! Vəzirlərin nöqsansız bir iş görməmişlər, Onlar gah qarınlarının dərdindədirlər, gah kisələrinin. Elə isə onlar bir arpaya dəyməzlər. Ey şahlar şahı, onları qapından qov! Elmli, düşəncəli vəzirlər axtar, Nəcabəti burax, bacarıq axtar Ki, məmləkətə yenə bəzəklə İstədiyin qədər bəzənsin. Yeni əlifbanı işə salsınlar. Xoşbaxtlıq ağacını meyvələndirsinlər. (əziz dostum ruhulqüdsə xitab) Çox şikayət etdim, söz uzandı, Vaz keçdim, bir daha səni görməyəcəyəm. Bu işi, bu zəhməti və əziyyəti başa çatdırmağı Gələcək nəslə tapşırdım. * * * Həcvi-Əbdürrəsul xan Dünən İranın paytaxtından Araq düşkünü, pərişan bir qoca gəldi; Nəcabətdə əllaf nəvəsi olub, Həbənnəqə kimi axmağın biri idi. Dedi: “Firəngistana dövlət məmuruyam.” Allaha and olsun, bu xəbərdən yanıb töküldüm! Əliağa, mənə bir içim su ver Ki, yanğım dəf olsun! Ay üzlü gürcü qızını O axmaq öpmək istədi, O saat araqdan onu qusmaq tutdu. Gücü çatdıqca ağzından O qızın üstünə... Təsadüfən yağlı mərək yemişdi. Qız tez ayağa qalxaraq dedi: “Sənə yüz dəfə Allahın lənəti gəlsin.” Tiflisdən o ayaqyalın, Müxtəsərcə deyim ki, çılpaq getdi. Dedi: “Mən soyuqdan qorxmuram! Mən nə bürüncək alacağam, nə də xəz dərisi.” Ey Əliağa, nə səvab olar ki, Ona bir arxalıq göndərəsən! Qafiyə dar gəldi, yoxsa mən Onu çox layiqincə çullardım. * * * Molla Əli Molla Əli, sənə olsun mübarək. Şairliyin “qul uhiyə təbarək”* “Ya əyyühəl müzəmmilü müdsir”** Qənim olsun sənə bəndeyi-kafir. Sənsən bu gün kəffarətül kafirun, Unudubsan “və iləyhi türcəun*** İşpiyonluq binasını qoyubsan, Şeytani-məridə əcəb uyubsan. Məndən xudavəndə qeybət edirsən, Özün guya sabah Həccə gedirsən. Paşa qətlin, balam, şəhri-Nəcəfdə, Mənmi dandım, yoxsa sən, keçən həftə? Şamaxıda neftin küpdən daşmağın Seyid Hüseyn ayağından başmağın Çıxardıban ayaq yalın bir dəstə Mürid ilə gedib haman küp üstə, Öz sarığın neftə bulaşdırmağın, Mənmi dandım, yoxsa sən, ey süxənçin? Sən deyildin məgər karvansarada Çirağbanə mane olub orada Xalqa deyən: bica sərf etməyin pul, Bu işlərdən olmaz xeyirli bir yol? Neçün olmaz, balam, getdin meraca Peyğəmbər eylədi fərz hüccaca. Onun ərşdən dar durur yolu, Çirağbandan neçün olmur bir pulu? Sənin fikrin budur ki, xəlqi-tarı, Yol tapsınlar ancaq üz həccə sarı. Xeyr ilə nəhsi qoy məqamə, balam, Sən get, bir də Ağa Rəsul, vəssalam! * * * Yenə insü cin arasında bu nə qarışıqlıqdır?! Sanki, mərsiyəxanın yemindən bir-iki batman əskikdir. Onun pul üçün etdiyi fəryad, bizim dünyada, Sur çalınmadan göyün ən yüksək qatına çatmışdır. Eyvay, pul istəiyr. Ona görə də indi Dünyanın hər yerində şuluqluqdur. Onun təməkarlığından tək biz fəğan etmirik. Bütün mələklərin başı qəm dizindədir. Bir tərəfdən qıtlıq və aclıq, Bir tərəfdən molla həyəcan salmışdır, – iş hər yerdə pozğundur. Hər ölkədə, xüsusən, bəla ilə dolu İranda, Bu dilənçi adətli tayfanın əlindən yasdır. O dünyada bir dəfə qiyamət olar. Bu tayfanın üzündən bizə hər məhərrəm ayı qiyamətdir * * * Onların təqlidi, elmi bərbad etdi. Ax, bu təqlidə iki yüz lənət olsun! Cəhaləti ictihad bizim qapımza gətirdi, Ey ağıllı, ictihaddan qaç! Dünyanın bütün bu qorxusu və qovğası, Bütün iranlıların ixtilafları, Həm təqliddəndir, həm ictihaddan. Sinəmizi çak edib, hər ikisindən dad çəkirik. Təqlid etmək bizə eyb olsun, Xüsusi ilə eşşək təbiətli (hud)un təqlidi. * * * Mən ad və şöhrət axtararaq Behiştin hurisindən vaz keçdim. ** Nə üçün hər gün “vəzəvvicni” oxuyursan? Çətin ki, huridən kam alasan. Mən könlümü çərən-pərənə bağlamadım; Namaz və orucun əziyyətindən zəhləm gedir. Mərifət aləminə qədəm qoy! Bu sənin üçün huriyə çatmaqdan yaxşıdır. O, ağıllıların ruhunun ləzzətidir. Bu, cahillərin nəfsinin ləzzətidir. * * * Şahmat oyunu haqqında Biri şah, biri vəzir və ikisi fildir, İki at və iki qala şaha kəfildir. İrəlidə gedən piyada ikinci səfdədir, Altı və iki (yəni səkkiz xanə) ədədin hər biri şaha dəlildir. Altmış dörd xanəlik şahmat oyunu məclisi, Cümləsi ağ və qara rəngdədir. Şah bir xanədən artıq sıçraya bilməz, İrəliyə və geriyə qilü qalsız hərəkət edər. Vəzirin hərəkəti həm düz və həm də çəp olur. Onun meydanı geniş və uzundur. Fillərin hərəkəti daima çəp olar. Qalalar isə onların əksinə hərəkət edərlər. At iki xanədən artıq irəliləyə bilməz, Həmişə düz gedib yan tərəfə dönər – onun hərəkəti belədir. Müxalifi qarşısında görüncə Bunların hər biri ona əzrayıl olar. Piyada tək addımla düz hərəkət edər, Öz hərifi ilə yanaşı olduqda mütləq vurular. Əgər düşmənin sahəsini keçərsə Cəlallı vəzir olar. Əgər şah köməksiz və tək qalarsa Düşmən ona hücuma keçər. O artıq əsirdir, sən şahı mat say, Çünki onun ölüm günüdür! * * * Vanda Müsəlmanlar! Orda-burda az danışın yalanı, Gəlin həqqi unutmayın, insaf eyləyin bir az! Deyirsiniz – çoxdan keçmiş xariqələr zamanı Peyğəmbərlən sonra bir də möcüzələr yaranmaz – Bu sözlərə kim ananar, bir əfsanədir bunlar, Öz fikrimi isbat üçün mənim dəlillələrim var: Yetmiş altıncı illərdə Polşadan gələn kimi Tiflisə bir günəş doğdu, bu möcüzə deyilmi? Cavab versin burdan axan, dünya görmüş dəli Kür, Bugünə tək kim Tiflisdə iki günəş görmüşdür? Adı Vanda, özü mələk, yanaqları nar kimi, Onaltıncı baharında yetişdi bahar kimi. Qızın mehriban atası bir mötəbər kişidir, Onun əziz xatirini hamı sevir, istəyir. Göyün odlu günəşinə çox baxanlar kor olur Lakin, bu yer günəşindən zəif gözlər nur alır. Vaxt olur ki, günün üzü buludlarla örtülür, Ancaq, mənim günəşimin üzü açıqdır, gülür. Kopernik də söyləmişdi günəş daim sabitdir, Lakin, Vanda dövr eyləyir, könüllərə can verir. Hansı cənnət mələyində belə kamal, camal var, Hansı cənnət hurisində bu gözəllik tapılar? Mələklərə tay etmərəm bu füsunkar dilbəri, Listi çala bilərmi heç behiştin huriləri? Mələklər heç bilirlərmi ayrı-ayrı dilləri? Görün necə dil bilir bu yer üzünün ülkəri. Heç mələklər oxumuşmu müxtəlif kitabları? Görün necə oxumuşdur Polşanın füsunkarı. Köləliyi ləğv etdilər vuruşaraq gürcülər. Bu qılınclar, bu qırğınlar, heyf vermədi səmər – Vanda Kürün kənarında maral kimi gəzərkən Bir baxışla gürcüləri əsir etdi yenidən. Səbuhi ki, əyilməzdi şahların qabağında. Gözəlliyə əsir oldu bu ixtiyar çağında... Vandaya can sağlığıdır şairin təmənnası Qoy onunla fəxr eləsin xoşbəxt ata-anası. * * * Hekayəti-Seyyid Ələm Səlyani Səlyanda var idi bir Seyyid Ələm, Ələmdən olmuşdu mərdi-möhtərəm. Yəni məhərrəmdə ələm gəzdirib, Hər adamın üstə onu süzdürüb, Deyirdi: “Var nəzrin sənin, ey adəm! Sənə sarı gəlməz bisəbəb ələm”. Kimdir ki, olmasın ömründə nəzri? Heç kimin olmazdı ona bir üzri; Çıxardıb cibindən bir manat hər kəs, Deyirdi Seyyidə “Al, get, səsin kəs!” Xalqa, nəzir vermək guya bac idi, Lakin Seyyid genə elə ac idi. Yalan ilə qəni olmaz bir kimsə, Tatar ola, firəng ola, ya nemsə. Borc edərdi Seyyid hər il sərasər, Borcuna olurdu axırda münkər. Bir əttara məqruz idi on tümən, Vədə başı inkar eylədi birdən. Əttar onu çəkdi qazı yanına, Neyləsin, salmışdı atəş canına. Dedi: “Qazi, insaf elə, dad elə, Peyğəmbəri, imamları yad elə! Bu Seyyidə mən yaxşılıq eylədim, ** Bildim ki, doğrudur “limən əhsəntüm”, On tümən pulumu eyləyir inkar, Üzündə nə şərmi, nə həyası var”. Qazi dedi: “Seyyid, nədir cavabın? Belə deyür kişi: qıfıllı babın!” Seyyid dedi: “Ey qaziyi-mötəmən, Heç görübsən məni tərafedə sən?” Adil imiş qazi, xeyli baməzə, İstədi Seyyidin bir burnun əzə. Dedi: “Çox görmüşəm, sual nə hacət? Cavab istər səndən kişi bu saət”. Seyyid dedi: “Haçan? Bu necə sözdür?” Qazi dedi: “Gecə deyil, gündüzdür!” Mehrini sən boşadığın xanıma, Vermirdin, gəlmədinmi yanıma, Tərafe etməyə, ağayi-əkrəm? Söz müxtəsər: “Olmadınmı sən mülzəm?” Seyyid dedi: “Yaxşı kəsdin sözümü, Bundan başqa heç görübsən üzümü?” Qazi dedi: “Çox görmüşəm, ay ağa! Niyə unudubsan, deyilsən çağa! Bir də Mirzə Rəhim səni, ey məxdum, Gətirmişdi şərə, üzünü gördüm, Bağ nəqlində; uzun olmasın kəlam, Bağ yetişdi ona sən oldun nakam”. Seyyid dedi: “Yaxşı, dəxi başqa yol, Heç görübsən?” Qazi dedi: “Sakit ol! Bir də qamış davasında keçən il, Gəmiçilər ilə edib qalü-qil, Gəlmiş idin şərə, utanmaz kişi! Mola Əkbər dəxi bilir bu işi”. Seyyid dedi: “Dəxi bəsdir, ey qazi! Çox gəlmişəm şərə zəmani-mazi, Demişəmmi aya hərgiz bir yalan Mən ömrümdə? İndi bu mən, bu Quran!” Qazi dedi: “Seyyid, etmə hərarət! Çəkərsən sözündən özün xəcalət. Nə lazımdır bu iddiayə qəsəm? Yalanına sənin şahiddir ələm. Yalan deyən adəm deyər ahəstə, Ya örtülü, ya da gizlin, ya pəstə. Ələm ilə sən deyirsən yalanı, Belə yalan deməz kürdi-kolanı! Deyərsən aşikar xalqa, ey zalim, Bilin ələm olur hər qeybə alim. Yalan deyil məgər, bu söz nainsaf? Bəsdir dəxi vurma sədaqətdən laf!” Seyyid qəmgin başın aşağı saldı, Aciz olub lap quruyub mat qaldı. Rəhm eylədi qazi onun halına, Müddəiyə dedi: “Xüms malına, Hesab elə tələbini eysandır, Bağışla Seyyidə, çox natəvandır”. Əttar qəbul etdi qazinin sözün, Haman saat yumdu pulundan gözün. Seyyid Ələm oldu çox şadü-xürrəm, Xüsusən ki, tez yetişdi mühərrəm. Yox idi ona heç başqa bir peşə, Düşdü yalançılıq təzədən işə. Seyyid olan adəm yalançı olur, Yalançı yox, bəlkə dilənçi olur. Çünki, bipeşədir cəmii sadat, Edərlər iddia kəşfi-kəramat. Biri deyər: “Mən sahibi-nəfəsəm, Duası müstəcab olan bir kəsəm” Biri deyər: “Ocağıma hər naçaq, Gəlsə, tapar səfa, olur sappasaq”. Yalan ilə daim keçər günləri, Zillətdədir onlar hicrətdən bəri. Çəngiz dedi: “Əqdəm beş-altı yüz il, Məhəmməd eləyib övladın zəlil”. Seyyid olma, canım, olma müftəxor! Xalqın gözündə ol şirin, olma şor! Tap bir mürşid, salma nəzər kövneynə, Tərəqqi eylə, çat qabi-qövseynə! Sən unqasən, cismin qəfəsdir, Qəfəs içrə artıq qalmağın bəsdir. Sən özünü bilmə bir cürmi-əsqər, Gizlənqibdir səndə Aləmi-əkbər. Anla, nədir “fəna”, bax bir balayə, Seyr et üruc eylə ərşi-əlayə. Görəcəksən onda firavan dərya, Biləcəksən kimdir Fironü Musa. Bir qətrədir o dəryadan hər biri, Havaya cəzb olmuş, boş qalmış yeri. Seyr eyləyib bulud içrə bir zaman, Övd edəcək genə o dəryaya, qan! Cümlə Firon, Musa, Əli ya Ömər, Bir qətrədir o dəryadan müxtəsər. Müşəxxəsdir Ömər qətrə halında Müəyyəndir Əli öz məqalında. Təəyyünün rəfin eyləsən isbat, Hər ikisi onda olacaq bir zat. * * * “Ey zahidi-bizövq o məscid ki, sənin var” Ey zahidi-bizövq o məscid ki, sənin var, Olsaydı mənim, mən onu meyxanə edərdim. Minbər yerinə bir neçə peymanə düzərdim, Mehrab içini mütrübə kaşanə edərdim. Vaiz yerinə tar nəvazədə qoyardım, Taət yerinə cilvəyi-məstanə edərdim, Rəqs eylərdim məscid ara səcdə yerinə, Eşq atəşinə özümü pərvanə edərdim. Hər şamü səhər badəyi-gülgün içərdim, Nərdi əvəzi-səbhəyi-səddanə edərdim. Yüz nəğmə ilə ğülğülə əflakə, salardım, Min tənə o dəm qarei-Quranə edərdim. Yüz sən kimi cahilləri zahid belə yerdə, Bir sağəri-səhba ilə fərzanə edərdim. * * * == Kəmalüddövlə məktubları == “Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti (h. 1280-ci ildə) Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik? Halbuki, fransız, rus və başqa Avropa millətlərindən olan müəlliflər babilərin baş qaldırmasının səbəbini də İran səltənətinin qüsurları, onun bünövrəsinin zəifliyi və islam dininin batil bir din olması ilə izah edərək çoxlu kitablar yazıb, dünyanın hər yerində yaymışlar. Onlar bu yolunu azmış babiləri məhv etmək üçün iranlıların göstərdikləri hümməti də cəhalət və nadanlıq əlaməti, yaxşını pisdən ayırmaq qabiliyyətindən məhrum olmaq nişanəsi kimi pisləmiş və istehza və məsxərəyə layiq bilmişlər. Avropa qitəsində insanların hər bir fərdinə öz fikirlərini, istər yanlış və zərərli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verilən gündən bəri dünyanın hər bir yerində dinsizlər baş qaldırıb öz fikirlərini qələmə almaqdadırlar. Ancaq heç kəs onlara mane olmur və onları incitmək fikrinə düşmür. Mə’lumdur ki, fransız allahsızlarından Volter, Reno və başqaları xristian dininin batilliyi haqqında nə kimi kitablar yazıb, xristianlar arasında yaymışlar. Ancaq dövlət və millət başçıları onları bu işdən çəkindirmək üçün təzyiqə əl atmağı cayiz bilməmişlər. Onlar yaxşı başa düşmüşlər ki, bu işin çarəsi və onların yanlış fikirlərinin xalq arasında doğurduğu təsirin qarşısını almağın yolu hədə-qorxuda deyil, ağıl və məntiqəuyğun dəlillərə əsaslanan hikmətli cavablarla rədd etməkdədir. Necə ki, aliməqam imam Əli ibn-Əbutalib əleyhissəlam bir dinsizlə bəhs edərkən, əsla acıqlanmayıb, onun tutduğu iradları hikmətli cavablarla rədd etməklə onu susdurmuşdur. Məhz bu cavablardan sonra o dinsizin etirazları ki onların bəzisi Kəmalüddövlənin etirazlarından daha şiddətlidir, xalqın gözündə öz təsirini tamamilə itirdi. Bu mübahisənin təfsilatı şeyx Səid ibn-Mənsur Əhməd Təbərsinin kitabında bu cür yazılmışdır: “Dinsizlərdən bir nəfər Əmirəlmö’mininin yanına gəlib dedi: Əgər Qurandakı ixtilaflar və ziddiyyətlər olmasaydı, mən sizin dininizi qəbul edərdim və i.a.”. Habelə Əli ibn-Musərriza əleyhissəlam da qüdrətli xəlifələrdən olan Mə’munun məclisində bir neçə nəfər zındıq və dinsizin cavabını əsəbiləşmədən, elm və hikmət əsasında verib, onları məğlub etmişdir. Şeyx Təbərsinin əsərini görüb oxuyanlar bu dini mübahisələrin təfsilatını bilirlər. Habelə başqa imamlar və din başçıları da müxtəlif əsrlərdə zındıqlar və dinsizlərlə mübahisəyə girişmiş və onları məntiqəuyğun dəlillərlə susdurub, e’tirazlarını xalqın gözündə e’tibardan salmışlar. İndi ki, Övrəng Zibin naxələf oğlu öz fasid fikirlərini qələmə alıb, islamın dini əqidələrinə xələl yetirmək fikrinə düşmüşdür, şübhəsiz ki, onu da indiyə qədər olmuş və bundan sonra da olacaq zındıqlar və dinsizlərdən biri hesab etmək olar. Heç şübhə etmək olmaz ki, onun puç fikirləri şəriət sahibinin batini qüdrəti sayəsində islam dininə heç bir zərər vura bilməyəcək və onun özü də başqa zındıqlar və dinsizlər kimi unudulmuşlar dənizində itib batacaq, parlaq şəriətin nuru isə dünyaya zinət verən günəşin şüaları kimi aləm durduqca parlayacaq və bütün üfüqlərə nur saçacaqdır. Ancaq bir şərtlə ki, onun zərərli fikirlərinin puç olması barədə kafi cavab yazılsın və beləliklə, həmin fikirlər xalqın gözündə öz təsirini və qiymətini itirsin. Lakin əgər onun qarşısında sükut edilsə və ya qəzəb və şikayətə əl atılsa, belə bir vəziyyət hər halda din alimləri və xalqın başbilənlərinin acizliyinə dəlil olacaqdır. Bu isə dinsizləri daha artıq cürətləndirəcəkdir. Tutaq ki, Əmr və ya Zeyd onların fikirlərinə cavab yazmaqdan acizdir; bəs məşhur alimlər içərisindən elə bir adam tapılmayacaqdırmı ki, bu hədyanlara əql və hikmət əsasında bir cavab yazmaqla onları təsirdən salsın?.. Halbuki, Avropanın hər yerində Volterin və Renonun əsərlərinə cavablar yazıb, onları təsirdən salaraq, müəlliflərini rüsvay etmişlər, nəticədə xristian dini bu dinsizlərin tənqid və etirazlarından nəinki heç bir ziyan görməmiş, əksinə, getdikcə tərəqqi edərək rövnəq tapmaqdadır. Məqamı yüksək olan imamlar da həmişə zındıqların və dinsizlərin sözlərini hikmətamiz cavablarla rədd edib, onların iradlarını xalqın gözündə etibardan salmışlar. Bu kimi əsərlərin yayılmasının qarşısını almaq və onların avam kütlələrin əqidəsinə təsir etməsinə yol verməmək üçün yuxarıda qeyd olunmuş tədbirlərdən başqa heç bir çarə olmamış və olmayacaqdır. “Kəmalüddövlə məktubları”nın nüsxəsi mənim əlimə çatan kimi əvvəlcə elə əsəbiləşdim ki, istədim onu cırıb tikə-tikə edəm və ya oda atıb yandıram. Sonra düşündüm ki, mənim bu cür qızışmağımdan nə fayda çıxar. Tutaq ki, mən onun bir nüsxəsini cırdım və ya yandırdım, görək bununla başqa nüsxələrinin yayılmasının qarşısını almaq olarmı? Məsələni dərindən düşündükdən sonra öz niyyətimdən əl çəkdim. İndi cənabınızın xahişinə görə həmin nüsxəni sizin xidmətinizə göndərirəm. Ancaq bu şərtlə ki, bu əsərdə olan mətləbləri rədd etmək üçün cavab yazmaq fikrində olasınız. Nüsxənin başlanğıcında həmin məktubu da bu məqsədlə yazdım ki, islam dininin qeyrətini çəkmək naminə bu vəzifəni yerinə yetirməkdən qəflət etməyəsiniz. Əgər sizin səyinizin nəticəsində bu hədyanlara kafi cavab yazılıb nəşr edilsə, artıq onların puç əqidələrinin dinə, məzhəbə, rüsuma və ölkəyə hər hansı bir zərər yetirməsi ehtimalı tamamilə aradan qaldırıla bilər. Vəssəlam. [Bu üç məktubun bütün məsələlərini filosoflar arasında doğruluğu qəbul edilən hüquq bərabərliyi məsələsinə tam asanlıqla tətbiq etmək olar. Lakin doğruluğu filosoflar arasında münaqişəli olan mali bəra-bərlik məsələsinə onların tətbiqi hələlik mümkün deyildir. Mali bərabərlik məsələsini anlamaq və dərk etmək, biz müasirlər üçün çox çətindir. Hərçənd ki, Avropa alimlərindən bəziləri mali bəra-bərliyi də, bəzi dəlillərə əsasən, bir neçə əsrdən sonra mümkün hesab edirlər, lakin başqa filosoflar onların fikirlərini rədd edən dəlillər gətirirlər. Zahirdə ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri və insanların bu əxlaq və təbiəti ilə mali bərabərlik mümkün deyildir]. M.F.Axundzadə + * * * Kəmalüddövlənin əvvəlinci məktubu Rəməzan ayında, sənə 1280-də Təbrizdən Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?.. Əgərçi o növ şövkət və səadət Firəngistan və Yengi Dünya əhlinin bu əsrdə olan şövkət və səadəti cənbində çiraq kimi hesab olunur gün müqabilində, lakin İranın bu halətinə nisbət nurdur zülmət müqabilində. Ey İran, o zaman ki, sənin səlatinin Peymani-fərhəngə əməl edirdilər, neçə min il dünyanın İrəmmisal səfhəsində əzəmət və səadət ilə kamiran oldular, xalq onların təhti-səltənətində neəmati-ilahiyyədən bəhrəyab olub, izzət və asayişdə zindəganlıq etdilər və yoxsulluq bilməzdilər və sailbəkəflik etməzdilər və həm daxili-məmləkətdə azad və həm xarici məmləkətlərdə möhtərəm idilər və İran padişahlarının şöhrət-şövkəti külli-afaqi tutmuşdu. Necə ki, bu xüsusda şəhadət edər yunan millətinin təvarixi, nə islam millətinin əxbaratı, ondan ötrü ki, islam millətində İran səlatininin asarı və oların kütubü və qəvanini qalmadı. [Ey İran! Sənin oğulların, nəvələrin nəsihət olsun deyə sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etməmişlər; sənin keçmiş şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə şahidi olaraq qalan qədim yunan tarixlərindən öyrənirik, çünki Yunanıstan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın başqa xalqlarına nisbətən daha yaxşı öyrənmişdir]. + Peymani-Fərhəngin əhkamına mütabiq səlatini-fürsün əsrində hər şəhərdə mühasiblər olurdu ki, rəayadan xəzinəyə vasil olan mala vaqif olub dəftərlərə qeyd edirdilər və bu mühasiblərin də hər tərəfdə gumaştələri olurdu və padişahların hər şəhərdə vəqayenigarları və kargüzarları və karagahları və daruğələri var idi ki, hər birisinin şüğlü müəyyən idi. Məmləkətin və rəayanın əhvalından müstəhzər olub, hər vaxt padişahı xəbərdar edərdilər və padişah dəxi müvafiqi-əhkami- Fərhəng, ümurati-sadirə babında əməl edərdi. Bir afəridə bir kəsə cövr və təəddi etməyə qadir deyil idi. Qoşun saxlamaq üçün dəxi cidaganə rüsum müqərrər idi. Hərgah rəisi-ləşgər, öz hökmündə olan sipahilərin məvacibini isal etməkdə qüsur göstərsəydi, muridi-bazxast olurdu və rəiyyət mənafe və məhsulatlarından iyirmidən bir xəzinəyə mal verirdilər. Amma Sasanilərin dövründə rəiyyət ondan bir verməyi öz rizası ilə qəbul etdi. * Hər vilayətdə maliyyati-divaniyyə küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olub, məxarici-səltənət küllən haman məqamlardan vəz’ olunurdu və əsla rəaya öhdəsinə və sair məmərri-mədaxilə divan tərəfindən həvaləcat sadir olmazdı * və heç tərəfdə hükkamdan bir kəs qətli-nüfusa qadir deyil idi, əgərçi müstəhəqqi-qətl olsaydı da, gərək idi əvvəl padişaha ixbar etsin, sonra padişah, Fərhəng iqtizasınca nə hökm etsə, əməl olunsun və qətli-nüfusdan bəqədri-imkan ehtiraz edərdilər. Və casuslar yetirdikləri xəbərin həqqiyyətində təftişi-bəliğ əmələ gətirərdilər və sipahilər heç vaxt xeymə və xərgah bəndində olmazdılar və zəhmətə və cəfaya həmişə mö’tad olurdular və bigünah bir kəsi öz şüğlündən mə’zul etməzdilər və xidmətə ömr sərf edənlərin özlərinə və əyallarına ruzi müqərrər edərdilər. Padişah tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edib pərəstar olurdular və taifeyi-ünasın pərəstarları ünas taifəsindən müqərrər idi və kor və şil və aciz və bikəs adamlar dəxi bimaristani-padişahidə ruzixar idilər və fəqir və gəda heç yerdə olmazdı və padişahın yanında həmişə yaxşı xasiyyətli və təbiətli və mərifətli nədimlər olurdu ki, daima padişahı yaxşı işə dəlalət edirdilər və padişahın hüzurunda nədimlərdən masəva böyük mö’bid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi, xüsusən hekayatdan və təvarixdən və əhkami-Peymani-Fərhəngdən və ümurimüşkilədə padişaha məsləhət göstərərdi və rəhnümalıq edərdi. Padişah hər gün bar verərdi, amma hər həftədə məxsusi bir gün bari-dad idi, yə’ni xalqın ərayizinə sima’ etmək günü idi ki, o gün hər hacətmənd padişahı görüb dərdini izhar edə bilərdi. Padişah, rəaya ilə bir süfrədə təam yeməyə oturardı. Hər mənzildə padişah tərəfindən atlar və adamlar müəyyən idi, vaqe olan əxbaratı müvəkkillərin e’lamı ilə padişaha və padişahdan müvəkkillərə yetirərdilər. Peymani-Fərhəngdə hər günahın və səvabın cəzası və əcri müəyyən idi. Əgər bir kimsənə müznib olurdu, padişahın müqərrəblərindən heç birisi qadir deyil idi ki, ona şəfaət etsin və əgər bir kimsənə millətin və məmləkətin nəf’inə bir xidmət göstərərdi, müqərrər olunan əcrə müstəhəqq olurdu və düşmənə zəfər tapandan sonra acizlərə və miskinlərə və müsafirlərə və ammeyi-səkənəyə və rəiyyətlərə zərər yetirməzdilər. Həqqi-təala bu radişahları müəyyən etmişdi ki, ərusi-məmləkəti ehsan və insafın zivəri ilə bəzəmişdilər. Tüccar və tüllab və müsafiran onların dövründə hər tərəfə asudə tərəddüd edib həmişə izzət ilə olurdular və Peymani-Fərhəngin əhkamından hər gün nədimlər padişaha oxurdular və müşkuyi-zərrin üçün, yə’ni hərəmxana üçün dəxi cidaganə qanun var idi. Padişahın bir banuyi-banüvanı olurdu, hər əmələsi və təbəəsi ünas taifəsindən, amma onda fərmanrəvalıq ixtiyarı olmazdı. Ey Cəlalüddövlə, fürslərin səltənət qəvaidi yen ziyadə idi. Hər bir ümur üçün bir qaideyi-müqərrərə var idi. O əsrə nisbət ki, hələ ülumun və sənayein ziyadə tərəqqisi yox idi, fars padişahlarının cümlə qəvaidini zikr etmək tətvilə bais olur. Peymani-Fərhəngin əhkamı çoxdur; cümləsini bu məktubda dərc etmək müşküldür. Peymani-Fərhəngin əhkamının nəticəsindən idi ki, səlatini-fürs aləmdə namdar oldular və milləti-fars bərgüzideyi-miləli-dünya idi və cahanyana aşikardır ki, dövri-qədimdə səlatini-fürsün ərseyi-mülkü nə vüs’ətdə idi: Bir ucu Zabilistan, bir ucu Mədain ki, ibarət ola * şimalən rudi-Ceyhun və dəryaçeyi-Aral və Babül-əbvabi-Dərbənddən, cənubən Xəlici- Fars və bəhri-Ümmandan, şərqən rudxaneyi-Sütlücdən mabeyni-Sind və Hindistan; qərbən boğazi-İslambul və sahili-bəhri-Əbyəzdən və dəxi Bülucüstan və Əfqanistan və Kabilistan və Ğur və Sistan və Lahur və Kişmir və Şikarpur və təmamiyi-Sind və Bəlx və Xivə və Örgənc və Dəşti-Qıpçaq və Şirvanat və Babil-zəmin və Biladi-Hirə və Diyarbəkr və Ərmən-zəmindən və vilayəti-Siri, yə’ni Şam və Hələbdən və təbəələri nə səadətdə idi. Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin + torpağın xərabdır və əhlin nadandır və sivilizasyoni – cahandan bixə- ++ bərdir və azadiyyətdən məhrumdur və padişahın despotdur və despot +++ zülmünün tə’siri və üləma fanatizminin zoru sənin zə’f və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır və səni fürutənliyə və dənitə’bliyə və rəzalətə və zillətə və übudiyyətə və təməllüqə və riyakarlığa və münafiqliyə və məkrə və xüd’ə və cübnə və təqiyyəyə xugər edibdir və cəmi xəsaisi-həsənəni: sədaqət və ədalət və vəfadarlıq və cəvanmərdlik və şücaət və ülvitələblik və ali hümmətlik kimi sənin təbiətindən səlb eləyibdir və sənin tinətini bu sifati-mə’dudənin cümləsinin ziddi ilə müxəmmər qılıbdır və yəhtəmal, yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən və asayişə və səadətə çatmayacaqsan və sivilizasiyon tapan millətlərə bərabər ola bilməyəcəksən. Sənin xalqın hesabsız Rum və Rus və Əfqanıstan və Hindistan və Türküstan və Firəngistan məmləkətlərinə zülmdən və fəqrdən pərakəndə olub sərmayəsiz, kəmali-zillətdə fə’ləliklə və nökərçiliklə gün keçirir və hər yerdə başına döyülür və hər yerdə xar və xakisar [cürbəcür əziyyətlərə] tutulur* və sənin xalqından iki yüz minə qərib zükurən və ünasın əyal və ətfalları ilə türkmanların əlində məşəqqəti-əsirlikdə giriftar olub, həmişə nalə və əfğan ilə ruzigarlarını başa aparırlar və bir kəs onların dadına yetişmir və oları xilas etmək xəyalına düşmür və + sənin padişahın dünyanın proqresindən qafil və bixəbər oturubdur öz paytəxtində. Belə bilir ki, padişahlıq ibarətdir yaxşı libas geyməkdən, yaxşı xörək yeməkdən, xudrə’y hər kəsin can və malına bihəddü-inhisar təsəllütü olmaqdan və zirdəstan ona rüku və səcdə etməkdən və əbdi-rəzil kimi ona fərmanbərdar durmaqdan [*və axmaq şairlərin onu uşaq aldatmaları ilə tərifləməsindən. Bu fərd kimi: “Könlünü taxtda rahat saxlayırsan, ancaq təblinin nə’rəsindən Çində xaqan, şeypurunun səsindən Rumda qeysər qorxudadır”. Şah bu cür axmaqaldadıcı yaltaqlıqdan şadlanır və yalançıya ən’am da verir və qətiyyən bilmir ki, nə qeysər, nə xaqan və nə də başqaları heç yerdə onu hesaba almırlar]. Dəxi hərgiz müqəyyəd deyil ki, əcnəbi məmləkətlərdə bədnamdır və hər biganə məmləkətin xalqı onun adın eşidəndə, onu xar tutur və onun təbəəsinə və mə’murlarına həqarət ilə baxır və olara nisbət məğruranə rəftar edir. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padişahlıqdan bizar olur. Ey İrani-biçarə, Firdövsi rəhmətullah sənin bu gününü səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən xəbər verir: [Rüstəmin öz qardaşına yazdığı məktubdan] 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 [Bu ərəblər] 22 23 Sonra mərhum Firdövsi, Hürmüz şahın oğlu Rüstəmin dilindən Sə’d-Vəqqasə yazdığı namədə xəbər verir: 1 2 3 4 5 6 [Qeyd səh.50-də] 7 8 9 10 11 12 13 Ey Cəlalüddövlə, Sə’d-Vəqqas, Müğəyrəni elçi göndərib Rüstəmin naməsinin cavabında gör nə sözlər yazdı və gör nə xəyalatın və puç əqaidin xatiri üçün İran xalqının səadətini bu rahzənlər bərbad etdilər: 1 2 3 4 5 6 Sə’d Vəqqasın təklifi ilə dini – islamı qəbul etdik. Onun qövlünə görə gərək iki aləmdə dəxi şadlıqla və şahlıqla olaydıq. Axirət aləmindən hələ ki, xəbərimiz yoxdur; bir sözdür, Sə’d Vəqqas və sairələri deyir. Gələk dünya aləminə *. Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfhəsində xalq elə müsibətlərə və bəlalara giriftar olmayıbdır. Ərəblərinmi ləşgərkeşliyin və xunrizliyin deyim, ya Dəyalimənin və Səffariyanın və Samaniyanın və Qəznəviyanın və müluki-Təbəristanın və müluki- Mazandəranın və müluki-övladi-Ziyarın və müluki-təbəqeyi-İsmailiyyənin və müluki-Səlcuqiyanın və Atabəkiyanın və Xarəzmşahilərin, Çingizilərin, Ali-Müzəffərin, Teymurilərin, səlatini-Ğurun, müluki- Rüstəmdarın, müluki-Sərbədaranların, müluki-Kərtün, Şeybanilərin, Çobanilərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəviyyələrin, Əfqaniyyələrin, Əfşariyyələrin, Zəndiyyələrin, Qacariyyələrin, hələ bulardan başqa aralıqda və guşə-kənarda o qədər təvaifi-müluk və sahibi-xüruc peyda olubdur ki, hesaba gəlməz. Sə’d Vəqqasın xəbər verdiyi bəşarətin nəticəsi bu oldu. Yalqız İran əhli deyil, ərəblər özləri nə günə çatdılar? İndi dünyada ərəblərdən gümnamtər və bədbəxttər tayfa yoxdur. Bəs niyə dini-islam onların səadətinə bais olmadı? İndi ac və susuz, bielm və bihünər tollanıb qalırlar. Əgər bütpərəstliklə baqi qalsaydılar, yəhtəmil bir günə çıxardılar. Çox ehtimal var ki, islam əqaidinin əfsanələri, o biçarələri dəxi sivilizasyon tapan taifələrdən əqəb saldı. Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama mürəccəh tuturam. İş ona qalsa, genə islam dini sair ədyandan bərgüzidə və mənim məqbulumdur *. Bu qədər var ki, mən külli-ədyanı puç və əfsanə hesab edirəm. [Olardan heç birisinə axirətdə qurtuluş ümidi ilə mail deyiləm. Mən o dini tərcih edirəm ki, onun vasitəsi ilə insan bu dünyada xoşbəxt və azadə ola bilsin]. İndi sən mənə cavab ver görüm ki, bu min iki yüz həştad ilin müddətində bu qədər silsilənin zühuru, millətin nə faydası üçün lazım idi və millət niyə gərək öylə natəvan olsun ki, hər bir dərədən baş qovzuyan it-qurd onun başına bu növ bəlaları gətirsin? *Əhli-İranın bu gunə bədbəxtliyinə səbəb ərəblər oldu. Dörd yüz ildən ziyadədir ki, aləmdə basmaxana ixtira olunub, elmin intişa- + rına və literaturun kəsrətinə ümdə vasitə olubdur. İran xalqı dünən basmaxana bina edir, onu da səfahətdən daş basmaxanası ki, öz etiqadınca onda hüsni-xətt zahirdir. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və giranbəha olur və kütüb vüfur bəhəm etməz və hər binəva onun təhsilinə qadir olmaz və literaturu dəxi qaliba şamildir bu mətləbə ki, təharəti belə tut, nəmazı belə qıl və fitrə və zəkatı və xümsü belə ver və rəf’i-hacət edəndə ru-bəqiblə oturma və ağırlığını sol ayağının üstünə sal və buların adın əhkami-şər’iyyə qoyubdur və ya şamildir bir para əfsaneyi-biəslin nəqlinə ki, adını mö’cüzat yazıbdır və ya bir para iğraqatdan və mübaliğatdan və qafiyəpərdazlıqdan və [ölçusüz] təməllüqkarlıqdan məmlu təsnifata ki, adına təvarix deyibdir və hərgiz + bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taraqqaturuqlu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tə’rif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın müəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bu növ cəfəngiyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, bəməratib nəsrdə bəyan olunan məzamindən müəssirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola; qayət cövdətdə, müvafiqi-mavaqəə, müvafiqi-övza və halati-fərəh-əfza və ya hüznəngiz, müəssir və dilnişin; necə ki, Firdövsi rəhmətullahın kəlamıdır. Əlhəq demək olar ki, milləti-islam arasında poeziya ibarətdir fəqət Firdövsinin əş’arından ki, misli heç bir bəşərə islam millətindən bu zamana qədər məqdur olmayıbdır. Amma əgər xalq həqiqəti-poeziyadan və onun şürutundan xəbərdar olsa, yəhtəmil, Firdövsimanənd şe’r deməyə qüdrət hasil edə bilər. Zira ki, kəlami-fəsih və şe’ri-məqbul, xəvariqi-adat və mümtəniat qəbilindən deyil, bəlkə mümkünat qəbilindəndir. Yunan millətinin içində əsri-qədimdən bir şair məşhurdur ki, adına Homer deyirlər. Milləti-yunanın əsri-qədimdə vüqua gələn müharibatını və hadis olan vəqayeini və pəhləvanlarının mübarizəsini və hünərlərini Firdövsi kimi nəzmə çəkibdir, belə ki, bu zamana qədər bir afəridə onun əş’arına nəzir deməyə qadir deyil və habelə ingilis millətinin içində bir neçə yüz il bundan irəli bir şair peyda oldu Şekspir adlı ki, səlatini-ingilisin məsaibini nəzm edibdir, bir növ müəssir ki, müstəme sima’ halətində, nə qədər şədidülqəlb olsa da, bükadan özünü saxlaya bilməz və sair bu misal şüəra külli-miləl arasında mövcuddur. Nəsrdə dəxi gah-gah bu növ müəssir və fəsih və cövdətli kəlam ittifaq düşür; necə ki, Quran ərəb dilində. Bu növ qabiliyyət, təbiətibəşəriyyənin vədayeindədir ki, gah-gah bir para əfradi-bəni-növibəşərdən büruz edir və bu növ vədiəyə ilham nisbəti verilir. Əhli-İran hətta səhhaflıq sənətini də bu zamana qədər dərk edə bilməyiblər ki, səhafət etdikləri kitablar iki günün içində öz dövlətlərinin əhkamı kimi pozulub vərəqələri pərakəndə olur; bavücudi ki, hər gün görürlər ki, Yevropada səhafət tapan kütüb necə möhkəmdir ki, yüz ildə müstə’məl olunsa, genə də pozulmaz və zəhməti dəxi bunların səhafət əməlinin zəhmətindən azdır və sair təvaif indi dünyada araba yoluna iktifa etməyib, hər yerdə dəmir yollar qayırırlar. Amma İran millətinin məmləkətində çox yerdə səvarə yolu da müşküldür və millət və rəisi-millət hərgiz dərk edə bilmir ki, məmləkətin abad olmağı və ticarətin rəvacı və millətin fəqrdən azad olmağı üçün tə’miri-türuq əlzəm vəsailin birisidir. Yollar xarab, qəryələr viran, şəhərlər birövnəq, küçələr [dar və] biəndam, qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. Məhz bu xatirə ki, çürümüş sümüklərə tərəddüd edənlər hər gün beş-altı kəlmə ərəb dilində fatihə ismi ilə söz oxusunlar. *Üyubi-məzkurədən əlavə, bir para məzarlarda məvaddi-heyvaniyyənin təhlilindən bir qaz peyda olur ki, adına qazi-müvəllidül-maikibriti deyirlər və ondan kiçik və zəif şö’lələr nümayan olur və habelə bir para məzbələlərdə və bataqlıqlarda dəxi palçıq və çamurdan məvaddi-nəbatiyyənin təhlilindən və təəffünündən məzkur qaz təkəvvün tapıb şam tərkibində öz-özünə yanar. Biçarə və bisavad və ülumdan bixəbər İran xalqı qəbristanlarda qazların şö’lələrini həml edərlər buna ki, sahibi-məzar günahkardır və məlaikeyi-əzab ona qəbirdə atəş ilə əzab verirlər və qazın şö’lələrini məzbələlərdə möcüzə sanıb etiqad edərlər ki, onun məhəlli-zühuru imamların, ya evliyayi-dinin birisinin qəbridir və tə’cili-tamam ilə məzbur məhəldə xərc edib böyük asar və əbniyə bərpa edərlər və haman məzbələni düaların məhəlli-isticabəti və mərəzlərinin məqami-istişfası bilirlər. Üləma dəxi onun əvəzinə ki, avamı bu puç e’tiqaddan mən’ edələr və olara deyələr ki, bu qism zadlara xərc etdikləri pullar ilə mərizxanalar qayıralar və elmi-tibb və hikmət və şimi və sair ülumi-nafiə tə’limi üçün mədarisi-aliyə yapıb, millətin zülmətdən nəcat tapıb işıqlığa çıxmağına bais olalar, oları belə ə’mali-bifaidə və napəsəndidəyə dəxi ziyadə tərğib edirlər. *[Və həm də müsəlmanların çoxu, istər iranlı olsun, istərsə osmanlı, öz yanlarında saat saxlamağa adət etmişlər. Əgər bir vaxt, lazım olduqda bir tanışdan soruşsanız ki, filankəs, saat neçədir? O, sənə cavab vermədən əvvəl səndən soruşur ki, gün saat neçədə batır? Onun sualı səni cavabdan aciz edir. Günün saat neçədə batması birdən-birə kimin xəyalına gələr? Günəşin batması vaxtı ilin fəsillərinin mülahizəsi ilə, iqlimlərin vəziyyəti ilə müxtəlifdir. Beləliklə, günəşin batması vaxtını bilmək haqqında hər iki tərəfdən mə’nasız güman və təxmin başlanılır. Nəhayət, sənin dostun, günəşin batmasına dörd saat iyirmi yeddi dəqiqə qalmışdır, – deyə aydın olmayan bir cavab verər. Bu cavabdan sonra sual etdiyin vaxtda saat neçə olduğunu özün qiyas etməlisən. Ürəyin parçalansa da, bu qiyası sən özün etməlisən. Aydındır ki, düşünmədən, birdən-birə saatın neçə olduğunu bilməyəcəksən. Darıxmaq əlaməti olan qaşqabaqla, kədərli qəlblə öz dostuna xitab edirsən ki: “Siz nə üçün öz saatınızı yevropalılar qaydası ilə günortadan-günortaya qurmayırsınız?”. Ondan bu tə’nəli cavabı eşidirsən: “Çox qəribədir ki, siz, kafirləri təqlid etməyi bizə təklif edirsiniz”. Sən də onun cavabını belə rədd edirsən: “Bəs nə üçün siz gözlük işlətməkdə kafirləri təqlid edirsiniz? Məgər gözlüyün ixtirası və onun işlədilməsi bu külbaş kafirlərin işi deyilmi? Lakin siz tam könül xoşluğu ilə onların bu ixtirasından faydalanırsınız və gözlük işlətməkdə oları təqlid edirsiniz”. Bu irad müqabilində artıq cavab eşitmirsən. Bir gör millət islam dininin qeydləri altında səfahətin nə dərəcəsinə çatmışdır]. Hamamlarının içində xəzinə suyunun üstündə çirk, neft kimi nümayandır və hər yaralı-paralı və mütəəffin hamama girib, tez bir xəzinəyə daxil olub hey’əti-ğərib ilə suya cumub qüsl edir. E’tiqadlarınca guya pak olurlar. O səbəbə ki, müctəhid deyibdir: “Hamam xəzinəsinin suyu kürdür və mırdar olmaz”. Və nadan xalq dəxi görür ki, mırdardır, yenə məhz müctəhidin sözü ilə qiyas edir ki, pakdır. Haradasan İstanbulun hamamları ki, hamam xəzinəsindən neçə tərəfdə qurnalar, yəni fəvvarələr asılıbdır, lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur, altında tərtibi-qüsl edirsən. Evi yıxılmış iranlılar, hamam maddəsində dəxi -ni mə’mul ediblər. Bu yana baxırsan görürsən ki, tüccar bimayə, o yana baxırsan görürsən ki, dehqan biistitaət və mədaxili-xəzineyişahiyə kəm və mədaxili-gömrükxana və sair mədaxili-divaniyyə binəzm, mütəməvvillərdən və ərbabi-mədaxil və əmlakdan və küllinücəbadan və üləmadan ki, ərbabi-əmlak və tənxahdırlar və küllimövqufatdan padişah xəzinəsinə bir şey aid olmur, hər yerdə təhmil füqəranın üstündədir. Mühəssillər oları hər güzərgahda təhsili-maliyyat üçün işgəncəyə çəkirlər. Nə təhsili-maliyyat üçün bir qanunimüəyyən var və nə sərfimaliyyat üçün bir qaideyi-müqərrərə var. Hər vilayətin maliyyatının təhsili mühəvvəldir hakimi-vilayətin öhdəsinə və sərfi dəxi bərat mücibincə mə’muldur. Əksər övqat çox məmərrlərdən mədaxili-divan təhsil olunmuyur. Əksər övqat bərat mucibincə vücuhi-mətlubə vüsula gəlmir və bu cəhətdən bə’zi məxarici-zəruriyyə əda olunmuyub, ümuri-əzimənin ixtilalına muris və dövlətin kəsri-şə’ninə bais olur. Məsələn, bə’zi övqat bərat mucibincə düvəli-xaricədə müqim olan dövlət mə’murlarının vücuhi-vəzaifi vüsula gəlmədikdə, əşxasiməzkurə məmaliki-əcnəbiyyədə xar, bəlkə rüsvay olurlar. [Cənab səfirlər, konsullar və başqa xarici mə’murlar, acınızdan ölsəniz də səbr edin! Yox, heç də belə xəyal etməməli! + Onlar dəxi, Allaha şükür ki, eşşək deyillər. Məgər xarici ölkələrdə İran təbəələri yoxdur? Nə üçün onları maaşı çatıncaya qədər müxtəlif bəhanələrlə soymasınlar?]. Bavücudi ki, bu əsrdə ülumun və təcarübün tərəqqisi səbəbi ilə düvəli-müəzzəmdə bu əmrə bir növ ilə qaidə qurulubdur ki, hərgiz divanın bir fülusu tələf olmaz və hərgiz sahibvəzifənin bir həbbəsi vəqti-müəyyəndə lavüsal qalmaz. Məsələn, hər yerdə mədaxili-vilayət küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olur və sonra məxarici-səltənət, sabiqən vüqua gələn tə’yinata muvafiq, küllən haman məqamlara həvalə olunur. Və haman məqamların heç sərfəsi yoxdur ki, vücuhi-mətlubənin icrasında tə’xirə iqdam etsinlər. Hətta dövləti-Osmaniyyə dəxi indi bu qaydanı mə’mul edir və bu qaydanın vücudu zimnində ki, vəz’i bir əmri-sadə və asandır, nə gunə fəvaidi-latühsa mündəricdir ki, te’dadə gəlməz və ədəmi zimnində bu gunə məfasidi-əzimə sabitdir ki, həsrə sığışmaz * və xalq dəxi ac və nadan və bisavad; hər güzərgahda saillər hesabsız və hər tərəfdə başı və kəməri yaşıl və abı sarıqlı sadat xalqın qabağın kəsib deyir ki: “Mən oduna getmənəm, su gətirmənəm, cüt əkmənəm, biçin biçmənəm, müftə yeyərəm, müftə gəzərəm, mən səni bu günə qoyan və bu zillətə salan babaların övladıyam. Padişaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdən birisini də mənə ver”. Bundan əlavə, biçarə xalq bir mərtəbədə nadandır ki, bu növ bəlaların vücudunu hərgiz dərk etməyib küçələrdə başına və döşünə döyə-döyə gəzir, şaxsey-vaxsey naləsin ərşə bülənd edir. Soruşursan ki, nə var, axır nə xəbərdir? Cavab verir ki, niyə min iki yüz bir neçə il bundan irəli beş-on ərəbi, beş-on ərəb Kufə səhrasında qırıbdır? Bu yandan övzai-əyalət bir mərtəbədə məğşuşdur ki, vəsfə gəlməz: nə bir qanun var, nə bir nizam var, nə bir ixtiyari-müəyyən var. Əgər birisi birisinə bir sillə vura, məzlum bilmir ki, hansı ixtiyara rücu’ etsin. Birisi müctəhidin yanına yüyürür, birisi şeyxül-islamın yanına qaçır, birisi imam cüməyə şaki olur, birisi daruğəyə gedir, birisi bəylərbəyiyə ərz eləyir, birisi şahzadə qapısına rücu’ edir. Bir qanunimüşəxxəs və hər kəsə dəstaviz mövcud deyil, biləsən ki, bir adama bir sillə vurulsa, hansı ixtiyara gərək rücu’ etsin və müqəssirin cəzası nədir? Vəqta ki, birisinə bir sillə vuruldu, müqəssiri kimi cərimə edər. kimi çubkarlığa müstəhəqq görər, kimi əfv edər. Əgər bir kimsənədən bir günah sadir olsa, bir para yerdə hakim onu cərimə edər, bir para yerdə haman günahın cəzasında mücrim həbsə qoyulur və bir para yerdə şüğldən mə’zul olur. Hətta nəql edirlər ki, bir para yerlərdə müqəssirin böyük və sahibi-şə’n əşxasa vabəstəliyi olmaq cəhətindən ittifaq düşür ki, ona bir ən’am, bir xəl’ət də verirlər ki, onun təqsirindən hasil olan şərmsarlığı rəf etsin. Xülasə, bir kitabi-qanun yoxdur və heç bir günahın cəzası və heç bir savab əcri müəyyən deyil. Hər kəs ağlına hər nə çatar, əmələ gətirər. Vəqta ki, təqvimi, yə’ni bu millətin salnaməsini mütaliə edirsən, onun əvəzinə ki, ümdə vəqayein tarixi və məmləkətdə ölənlərin və doğulanların nüfusunun ədədi səbt oluna, ya dövlətin dəxl və xərcindən ittila verilə və ya ricali-dövlətin və ərbabi-mənasibin adları yazıla, ya əhval və övzai-məmaliki-xaricə şərh oluna, görürsən ki, təqvimin əvvəlimci səfhəsində mə’rifəti-ixtilacatı bəyan ediblər və tə’siri-xələcani-fərc və zəkəri və məq’əd və xosyəni şərh qılıblar *. *[Bundan başqa istibdad səltənətinin tə’sirindən dövlət münəccimləri elə bir dərəcədə yaltaq və alçaq təbiətli olmuşlar ki, illik təqvimin hər səhifəsi başında yazırlar: “Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona ruhumuz fəda olsun) səlamətliyinə dəlalət edir. Və bu rəbiüləvvəl ayında ulduzların vəziyyəti, Cəmşid rütbəli padişahın böyüklüyünün artmasına, çoxalmağına, şadlığına, onun rütbəsinin yüksəlməsinə (ruhumuz ona qurban olsun) dəlalət edir”. Kitab bu kimi şeylərlə sonuna qədər doludur. Heç kəsin iqtidarı yoxdur onlara desin: Ey səfehlər, sizin padişahınızın məzacının səlamətliyi ilə ulduzların vəziyyətinin nə işi və nə münasibəti var? Nə üçün bu kimi axmaq sözləri yazırsınız *[və nə üçün bu kimi yalanlarla özünüzü və padişahınızı bütün aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz? Bir padişahın ki dünyanın vəziyyətindən, məmləkəti idarə və tərbiyə etmək qaydalarından, ədalət, mürüvvət, rəiyyətpərvərlik və vətənpərvərlikdən xəbəri olmaya, türkman köçərilərinin və ən alçaq yolkəsənlərin müqabilində əzilib məğlub ola, daha nə kimi cahü cəlal və əzəmət sahibi ola bilər? Onu hansı işinə görə Cəmşidə tay tutmaq olar? Padişahın təbəələri və rəiyyətləri şiddətli zülm və hədsiz yoxsulluq üzündən baş götürüb bütün aləmə dağılırlar, bununla belə o, özünün hər gün verdiyi fərmanlarında, – şahlıq üzüyü mənim qüdrətli əlimə keçəndən bəri, ədalətimin şöhrəti aydan balığadək bütün dünyanı tutmuşdur, – səc’li möhürünü vurur. Daha anlamır ki, məmləkətin bu başından o başına qədər ədalətdən iz-əsər belə yoxdur. Və bu yalançı səc’dən utanmır. O, qarı arvadlar kimi, bu günədək elə xəyal edir ki, Yer kürəsi öküzün kürəyində və öküz balığın belində dayanıbdır. Daha hansı məziyyət ilə o, şöhrət qazana bilər? O, hansı ədalətdir ki, onun şöhrəti aydan balığa qədər çatıbdır? Onun xəyalına görə, bu haman balıqdır ki, öküzü, yə’ni Yeri daşıyan öküzü öz belində saxlayıbdır. O heç düşünmür ki, möhürün bu səc’ini bütün əcnəbi dövlətlərdə tərcümə edib, ağlının dayazlığına gülürlər. Əgər balığı, öküzü daşıyan balıq deyil, adi balıq fərz etsək, yenə də belə bir mübaliğə bu kimi padişaha yaraşmır. Onun belə səc’ə razılıq verməsi yalnız yüngüllük əlamətidir. Bu səc’i yazan şairə mükafat deyil, cəza vermək lazımdır]. Və öz padişahınızı Cəmşid rütbəli adlandırırsınız və onun üçün böyük əzəmətlər və’d edirsiniz. Əgər sizin padişah dünyanın vəziyyətindən xəbərdar olsa, idarə və tərbiyə elmlərindən, ədalət və mürüvvət qaydalarından, rəiyyətpərvərlik və vətənpərəstlikdən agah olsa, tabe’ləri və rəiyyətləri haqqında zülmü, fəqirliyi, nadanlığı tamamilə rəf edər və onları çılpaqlıqdan, aclıqdan qurtarar və öz ölkəsinin sərhədlərini yolkəsən türkmanlardan və ən alçaq səhranişlərin hücumundan mühafizə edər və öz məmləkətinin hər yerində mədrəsələr, xəstəxanalar açar və məmləkətə aid olan işləri ov əyləncələrinə tərcih edər, bir sözlə böyük Pyotr və böyük Fridrix kimi öz vətənini hər xüsusda azad və Yevropanın müntəzəm məmləkətlərinin tayı edər. Belə olduqda, onu Cəmşid rütbəli, əzəmət sahibi və uca ada layiq saya bilərdiniz. Yoxsa ona Cəmşid və Firidunun bərabəri demək olmaz və əzəmət çoxluğu ona müyəssər ola bilməz] *. Vəqta ki, ruznameyi-dövlətini açırsan, görürsən ki, hələ dirilərin işinə nəzm verməmiş, ölülərin işinə qoşulubdurlar və əməleyi-mövta üçün qanun və qərari-cədid yazıblar və bir belə ədna əmrin isnadını da şəxsi-əvvəli-dövlətə veriblər. Keçmiş həftənin ruznaməsində oxuyursan ki, padişahın üməra və üləma evlərinə təşrif aparmağı vaxtında pişkeş və payəndaz mövquf olubdur. Sonra gələcəkdəki həftənin ruznaməsində görürsən ki, ə’lahəzrəti-padişah filan yerə təşrif aparmışdılar və filan töhfə pişkeşihüzur olunmuşdu və mətbui-təb’i-hümayun düşmüşdü. Tehran ruznaməsinin bir səhifəsində görürsən yazıblar ki, burun, qulaq kəsməyin İran dövlətində hərgiz vüquu yoxdur; bu iftiranı ingilislər ədavət yolundan İran dövlətinə bağlayıb qəzetlərində yazırlar. Haman ruznamənin başqa səhifəsində Mazəndaran əxbarının zikrində oxuyursan ki, Mehdiqulu Mirzə bir əttarın qulaqların ibrətən-lilnazirin kəsibdir. Çünki bir seyyidin yüz tümən pulunu təqəllüb ilə yemiş imiş. *Fransa və İngilis məmləkətlərində eşşəkləri və atları və öküzləri dəxi vurmaq və incitmək qədəğəndir, amma İran məmləkətində despotun fərmanı ilə, hətta cəlilüşşə’n üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vurarlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırırlar və olardan ixlas və iradət təvəqqö’ edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövr rəzalət və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlərinə hərgiz ar bilməzlər və bu növ zillət və rusvaylıqdan sonra genə bu dünyada zindəganlığa talib olurlar. *[Və bir də İran əhli bu günə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq və sillə vurmaq, onların əxlaqını pozar, təbiətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. İranda heç bir məktəb tapmazsan ki, onun səfeh məktəbdarının çubuq və fələqqəsi olmasın. Təəccüblü budur ki, hər bir uşağın anlaqsız atası, öz uşağının tə’lim və tərbiyə üçün məktəbdarın yanına apardıqda, uşağının yanında dediyi birinci söz budur: “Molla, oğlumu sənə tapşırıram. Əti sənin, sümüyü mənim. Ona yaxşı tərbiyə ver!” Nadan molla dəxi cavab verir: – Əmin ol, çubuq və fələqqə həmişə onun gözünün qabağında olacaqdır”. Bu cür tərbiyədən sonra, uşaqlardan, böyüdükdə nə kimi insanlıq, mə’rifət, yüksək hümmət və nəcib əxlaq ümid etmək olar? Bundan təəccüblüsü vəzarəti-ülumun qəflətidir ki, bu hərəkəti məktəbdarlara qədəğən etmir]. Tarixi-dövlətini mütaliə edirsən, görürsən ki, bədvdən xətmədək qələt ilə doludur. Əcəbtər budur ki, müəllif kitabın axırında üzr istəyibdir ki, dövləti məşğələlər səbəbindən, kitabın islahına fürsət bulmayıbdır və çox neviştəcatın axırındakı mürasilə rəsmincə şəxsiəvvəli-dövlətdən, onun padişahının fərmayişi ilə xass üməranın isminə və ya bə’zi həmcivar dövlətlərin [əmirlərinin], şəxslərinin və camaatlarının ismlərinə mərqum olmuş ola, tarixi-mahü sal və məhəlli-kitabət yazılmır. Əgər bir qərndən sonra bir müvərrix istəyə ki, haman neviştəcatın məzmunundan bir para əxbarat tarixə daxil edə, onların vaxtının və məhəlli-vüqularının tə’yinindən acizdir və şəxsiəvvəlin mənsəbi də nə imzasından və nə möhüründən müşəxxəs olmaz. Məhz onun mürasiləsinin məzmunundan qiyas eləmək olur ki, o gərək şəxsi-əvvəli-dövlət olsun. Habelə cəmi mürasilatda ki, xalq bir-birinə yazırlar, ondan qətinəzər ki, ayın və ilin tarixi və mürasilatın məhəlli-kitabəti yazılmır, mürasilənin içində müxatəbin ismi dəxi mərqum olmayıb, ancaq onun əlqabına iktifa olunur və ismi mürasilənin ləfafəsinin bir üzərində təhrir tapır. Vəqta ki, müxatəb mürasiləni ələ alır, ləfafəsin cırıb atır, üzünün ismi də haman ləfafə ilə aradan çıxır. Əgər bir müddətdən sonra haman mürasilatın məzmunu bir mətləb xüsusunda sənəd ola, bir kəs bilməyəcəkdir ki, olar kimə və haradan yazılıbdır. Hətta onların raqimi dəxi müşəxxəs olmaz. Ondan ötrü ki, mürasilənin zöhründə ancaq bir möhür var: Məhəmməd, ya Əli, ya Vəli adına. Aya, bu Məhəmməd və Əli və Vəli kim idilər və nə karə idilər? Mə’lum olmayacaqdır və genə habelə qəbaləcatda və qət’naməcati-şər’iyyədə ki, onların da məhəlli-kitabəti mə’lum deyil, mətnin fövqündə bu ibarət mərqum olur: və ya Və bir möhür dəxi bu ibarətin təhtində səbt olunur, – Kazım və ya Bağır adına. Əgər bir neçə müddətdən sonra bu növ sənədatın uzaq əmkinədə bir mətləb üçün lüzumu olmuş ola və oranın hakimi talib ola ki, onların qayırma olmadığı xüsusunda bir dürüst təhqiq əmələ gətirə, hərgiz bilməyəcəkdir ki, sahibi-möhr, qazi imiş, ya şeyxül-islam imiş, ya müctəhid imiş, ya mollayi-qeyri-mə’ruf imiş və ya filhəqiqət heç vücudu yox imiş və ibarəti-mərqumeyi-qəşəng ki, həzərat, kəmalivəcddə guya özlərinin dərəcatını e’lan etmək üçün ixtira edibdirlər, hərgiz onların vecinə gəlməyəcəkdir. Bavücudi ki, bu növ sənədatın istehkamı üçün çox diqqət vacibdir və gərək hakimi-şər’in mənsəbi ki, onun ittilaı ilə bu sənədat südur tapır, sərahətən qələm ilə rəqəm tapa və gərək hakimani-şər’in məxsusi möhürləri əlayimi-xassə ilə və təşxisi-bələd ilə – ki, məhkəmələri orada bina olubdur,– olmuş ola və hakəza cəmi mürasilatda ki, dostların arasında nigariş tapar və nəfsüləmrdə ibarətdir mütəkəllimin mükaliməsindən müxatəb ilə bəvasiteyi-namə, mütəkəllim özünü və həm müxatəbi, şəxsi-qaib məqamında zikr edər və əhyanən bir, ya iki şəxs qaibi-həqiqinin dəxi zikri namədə ittifaq düşər və hər tərəfdən qaiblərin zikri və zəmairi bir-birinə məxlut olur və bu cəhətdən kəlam bir mərtəbədə vüzuhdan düşüb sovuq və binəmək görünür ki, özünün mənzur olunan tə’sirini müxatəbin məzacında fövt edər. Nadan iranlılar bu səyaqı şüruti-fəsahətdən sayırlar və bu mə’nadan qəfildirlər ki, həmin səyaq, təkəllüm səyaqına ki, vəz’i, təbiəti-bəşəriyyə müqtəzasınca olub iradi-bəhs və çunü çəradan əmindir, müxalif düşər və zəbti-ümur üçün nə şər’ məhkəmələrində dəftər var, nə divan məhkəmələrinin əksərində [*və həm də heç yerdə yazıların surətinin saxlandığı yer yoxdur], əgər bir niza ittifaq düşə, ya böyük ya kiçik, və şər’ ya divan məhkəməsində qət ola beş-on gündən sonra nisyən-mənsidir. Əgər bir qəribə iş ya bir hadisə, yaxşı ya yaman, vaqe ola, bir neçə müddətdən sonra müvərrix üçün onun bəyanı mümkün deyil, məgər bir para külliyyat ki, bə’zi məqamlardan bilarəbt və tərtib dəstgir olar. Şah Sultan Hüseynin İsfahan mühasirəsində əfqanlardan çəkdiyi müsibətləri və nə halətlərə düşdüklərini müfəssələn firənglər yazırlar, göstərirlər, İran əhli bilmir. Nadir xürucdan əqdəm nə imiş və nə qərar ilə dolanarmış və şüğlü və peşəsi nə imiş? İran müvərrixləri təfsilən bilmirlər, firəng müvərrixləri bilirlər. Evi yıxılmış Kürkçü oğlu Əşrəf Ğəlicayinin əvvəlinci cəngində Mehmandustda bir gunə tərhəndazlıq edibdir və Əşrəfi basmaqda bir günə hünər və fərasət göstəribdir ki, külli-ruyi-zəmində Adəmdən Xatəmədək heç bir sipəhsalardan ir belə hünər zahir olmuyubdur, Napolyon Bonapartdan başqa. Çifaidə, zalim müvərrix bir belə hünəri ancaq beş-altı kəlmə ilə bəyan edib, ona bəst və təfsil və şərh verməyibdir ki, sipəhsalarani-ayəndeyi-islam üçün sərməşq ola və olara dəxi bir belə həngamlarda Kürkçü oğlunun tərhi-cəngi və tədbiratı dəstaviz görünə. Zalim müvərrix bəyan etmir ki, Nadirin bu cəng vaxtında nə qədər qoşunu var idi, piyadəsi və səvarəsi nə miqdarda idi və topu və zənburəku necə idi və topları hansı qismdən idi və məhəlli-cəngin vəz’i nə qərar ilə idi və səvarə nə qərar ilə düzülmüşdü və piyadə nə qərar ilə ona mühit olmuşdu. Və Nadir özü və sərkərdəgani-mə’ruf harada durmuşdular və hər sərkərdəyə nə qisim buyruq verilmişdi və hini-cəngdə Nadir və halətdə idi və sərkərdələr nə edirdilər və fəthə ümdə bais hansı əməl oldu və hansı sərkərdə buyruğu dürüst bitirdi və cəng neçə saat tul tapdı və əmsali-zalik... Ancaq yazır ki, Nadir o cəngdə: Pəs mə’lum [olur] ki, ləşgər fəqət səvarədən ibarət imiş; yek qol yə’ni nədir? Necə yek qol? Məgər bir belə əmri-əzimdə, bir belə kəlmeyi-məchulə kifayət edər? Bir dəxi Əşrəfin əvvəlimci şikəstindən sonra Kürkçü oğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytəxtədək tə’qib edibdir. Bu növ tədbir, bir sirri xəfi idi ki, Napolyondan başqa ki, müvərrixlər ona qəzavü qədərin oğlu ləqəb veribdirlər, heç bir sipəhsalar bu sirri anlamamışdı. Ancaq Napolyon bu sirri fəhm edib düşməni, cəngi-səhrada sındırandan sonra ona məcal verməyib, paytəxtədək onu kəmali-sür’ətdə təaqüb edirdi ki, fəthin nəticəsi məhz belə əməldə nümayan olur. Astarabadlı Mirzə Mehdi hərgiz bu sirrin hikmətini və Nadirin zehninin və əqlinin şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. Guya xanəndə gərək onun sənətindən xəbərdar olsun, nəinki Nadirin hünərindən. Və ancaq yazır ki: *Yalançının evi yıxılsın! Ey axmaq müvərrix, sən ki, zəhmət çəkirsən, bu qədər sözləri yazırsan, bari, bu zəhməti bir mətləb xüsusunda çək ki, ondan bir fayda hasil olsun, nə ki cəfəngiyat xüsusunda. Bir xəyal elə ki, Kürkçü oğlu kimdir və bəhr və kuh və bərq və sübh nədir? *Bir deyən varmı ki, ey cahili-əhkami-ilah, Bir xəyal eylə ki, kimdir dediyin böhtanı. Bəhər surət məəhaza * vilayət içində padişahi-despot tərəfindən bielm və bixəbər şahzadələr müqimdirlər. Xalq übudiyyətin kəmalirəzalətində bulara nisbət rəftar edir. Bular sədri-məclisdə oturublar, xalq üməradan olsun, ya amidən olsun, onların hüzuruna daxil olanda, rüku’ edərlər, əl-əl üstə durub müntəzirdirlər ki, ağzından nə çıxacaq. Təkəllümə iqdam etdikdə, hər tərəfdən “bəli, bəli” sədası bülənd olur. Bular deyərlər: Və küçələrdə şahzadələr keçəndə, fərraşlar qabağa düşüb, anənfəanən xalqa çığırırlar: Əgər bir biçarə qəflətən yoldan kənar olmasa, fərraşların kötəyinə və dəyənəyinə düşər və xalq despot zülmünün tə’sirindən və məzhəbin puç əqaidinin nəticəsindən hərgiz dərk edə bilmir ki, aya, bu vücudlar bəşəriyyətdə onunla şərik və müsavi və elmü fəzldən onun kimi məhrum və əxlaq cəhətindən ondan dəxi ədna, niyə gərək bu növ tərcihə müstəhəqq olsunlar ki, olar gələndə, bu, gərək yoldan kənar olsun? Bavücudi ki, yolda bunun hüzuru hərgiz onların müruruna mane deyil. Aya, məhz o səbəbə ki, olar ittifaqın vəsiləsi ilə, mütəşəxxis valideyndən vücudə gəliblər? Bir xəyal edə bilmir ki, bular niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? Bular, bizim can və malımıza himayət edirlərmi? Yox. Bular, bizim sinurumuzu – bir ucu Zabilistan, bir ucu Mədain – düşməndən saxlayırlarmı? Yox. Bular bizim əsirimizi Türkmandan siyanət edirlərmi? Yox. Bular bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? Yox. Bular bizdən ötrü şəfaxanalar və mədrəsələr açıblarmı? Yox. Bular bizim ticarətimizə və kəsbimizə rövnəq verirlərmi? Yox. Buların vasitəsi ilə biz xarici məmləkətdə ehtiram tapırıqmı? Yox. Buların himayəti ilə biz daxili-məmləkətdə şərarəti-əşrardan əmin oluruqmu? Yox. Buların səbəbi ilə biz fəqrdən nəcat bulmuşuqmu? Yox. Pəs buların vücudu nəyə lazımdır? Buların vücudu ona lazımdır ki, bizim qazandığımızı və öz mülkümüzdə yer altından tapdığımiız az, ya çox qızıl və gümüşü əlimizdən alsınlar, xudrə’y və biqanun, həvayi-nəfsləri təqazasınca, hər növ müsibət bizim başımıza gətirsinlər və özləri də öz növbətlərində bəlaya giriftar olsunlar. Yə’ni ya despot tərəfindən məğzub olub, dəni vücudlarından dünyanı pak etsinlər və heç asari-xeyr olardan baqi qalmasın, yainki şürbdən və sair fisqdən əmrazi-şədidəyə mübtəla olub getsinlər. Bu şahzadələrin birisinin “Xanlar-mirzə” adlı hekayəti Sədri- Yəzdi ilə külli-İranda məşhurdur. [O şahzadə Sədri-Yəzdinin Qacar sülaləsi şahzadə xanımlarından çox gənc, könülaldadan, gözəl arvadı ilə məhəbbət əlaqəsi saxlayıb eşqbazlıq edirdi. Bir gün Sədri-Yəzdini, qonaqlıq bəhanəsi ilə öz evinə də’vət edib boğdu. Ondan sonra qadınını aldı. Belə böyük bir günah cəzasız keçdi, çünki zalim qatil hökumət adamları yanında özünü təqsirdən təmiz göstərib, məzlum Sədri-Yəzdiyə xəyanət ittihamı verdi ki, guya bu sədril-üləma üsyan xəyalında olub, səltənətin eyblərini məclislərdə danışır və adamları fitnəyə və hərəkətə qaldırırdı. Mə’lumdur ki, dövlətə yaxın olan bə’zi adamlara peşkəş olaraq sərf edilən məbləğ, qatil şahzadənin günahsızlığını və dövlətpərvər olduğunu qüvvətləndirdi. Sədri-Yəzdinin öldürülməsi və qorxusuz şahzadənin günahı bir dastan mövzuu ola bilər]. Ey Cəlalüddövlə, əgər sən özün də despotdan məğzub və vətənindən mətrud və həmcinslərindən də şaki olmamış olaydın, mən heç vaxtda sənin həmcinslərinin üyubunu sənə yazmazdım və səni mükəddər etməzdim. Üməra dəxi şahzadələrə şəbihdirlər; əxlaqi-zəmimədə və fisqdə və tamahkarlıqda və təhsili-mədaxildə və əbləhanə təşəxxüsfüruşluqda. + Ey əhli-İran, əgər sən nəş’eyi-azadiyyətdən və hüquqi-insaniyyətdən xəbərdar olsaydın, belə übudiyyətə, belə rəzalətə mütəhəmmil olmazdın, kəsbi-elmə talib olub fəramuşxanalar açardın, məcmə’lər yapardın, vəsaili-ittifaqı dəryaft edərdin. Sən ədəddə və istitaətdə despotdan bəməratib artıqsan. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır ki, revolyusiya edib übudiyyətdən nəcat tapasan. Əgər bu halət, yə’ni ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir çəkərdin və özünü puç əqaidin qeydindən və despotun zülmündən nəcat verərdin. Çifayda, bu halət sənə müyəssər olmaz, məgər elmlə və elm hasil ++ olmaz, məgər proqres və proqres surət tapmaz, məgər liberal olmaq ilə və liberal olmaq olmaz, məgər əqaid qeydindən qurtarmaq ilə. Sənin əqaidin, sənin məzhəbin liberal olmağına manedir. Aya, İranın +++ heç bir səfhəsində şarlatan üləmanın qorxusundan və avamın vahiməsindən ağzını açıb deyə bilirsənmi ki, ey biçarə xalq, tə’ziyə saxlayırsan, bəhər surət; şaysey-vaxsey təpirsən, bəhər surət; döşünə-başına döyürsən, bəhər surət; əndamına niyə xəncəl-bıçaq taxırsan? Ölülərini niyə dəxi hər yerdən tabutlar içində atlara, eşşəklərə, qatırlara mindirib Kərbəlaya, ya Nəcəfə daşıyırsan? Ölkəni və yolları və mənzilləri bu mütəəffin cəmdəklərin iyisindən mur-murdar edirsən və yoldan ötən aşina və biganə müsafirləri mütənəffir eləyirsən? + Biçarə liberal, biçarə panzör nə etsin, vəqta ki, ərbabi-xəyalə və ərbabi-üquli-səliməyə danışmaq üçün bu zalimlər, yə’ni üləma, yol vermirlər və üləmanın zoru, ümuri-üxrəviyyə, yə’ni fanatizm cəhətindən bir mərtəbədədir ki, olar hərgiz özlərini məhkumi-hökmi-səlatin fərz etməzlər, bəlkə bəxilafi-zalik, özlərini, naibi-imami-qaib və sahibəzzəman bilirlər və onların hər birisi hər diyarda özünü müstəqil və fəridi-əsr hesab edib və özünə isnadi-ictihad verib, ancaq özünün müridlərini və müqəllidlərini çoxlandırmaq fikrindədir; hətta ümuriüxrəviyyə cəhətindən üləmanın, səlatinə dəxi təfəvvüqləri var və bu maddədə səlatin dəxi olara tabedirlər və səlatinin qürurunu sındırmaq üçün oları sərahətən kəlbi-asitani-imam xitab edirlər. Necə ki, şeyx Bəhai təsnifatının birisində Şah Abbası, kəlbi-asitani-Əli ibn-Əbutalib adlandırır və Şah Sultan Hüseyn əhdində Xorasanda məzrub olan dənanirin zərbi kəlbi-asitani-Riza Hüseyndir və səlatin dəxi töv’ən ya kərhən bu əmrə riza veriblər və bu xiffətin məalından hərgiz əndişə etməyibdirlər və anlamayıbdırlar ki, bir kəsin imama nisbət dərəceyikəlbiyyəti ola, naibi-imama nisbət ağalıq dərəcəsi ki, ola bilməz. Vaqeən də naibi-imam necə özünü kəlbi-imama məhkum və tabe bilsin və aya, belə məhkumiyyətin və təbəiyyətin münasibəti və surəti varmı və üləma salatini imama kəlb etməyə iktifa etməyib, olara zalim və amillərinə zələmə ləqəbini dəxi verirlər və səlatin də bu əmrə bie’- tina və barmaqlarının arasından nazirdirlər. Başqa çarələri də yoxdur. Zira ki, madam, əqaidi-diniyyə millətin xəyalında rasix və sabitdir, bu isnadı rəf etmək səlatinin qüvvəsindən xaricdir. Bu tərəfdən nəzmiməmləkət üçün mütədavil olan tərzi-siyasət hər aqili təhəyyürə salır. Vəhşi və bərbəri təvaifin içində mə’mul olunan rüsumi-siyasət bu saat da İranda müşahidə olunur. Görürsən adam şaqqalanıb dərvazalardan asılıbdır; eşidirsən ki, bu gün beş qol kəsilibdir, beş göz çıxarılıbdır, beş burun-qulaq siyrilibdir. Nəql edirlər ki, Tehranda babilərin fəsadında müqəssirlərin siyasəti üçün ənva və əqsam tərzlər ixtira etmişdilər ki, adam eşidəndə mat qalır. Bavücudi ki, indi sivilizasyon tapan məmləkətlər içində bu gunə siyasətlər bilmərrə mövqufdur və bu növ siyasəti icra edən təvaif vəhşi heyvanat və bərbərilər zümrəsində hesab olunur. + Həzmi-vilayət üçün başqa vəsail var. Əgər ümərayi-İran, politika elmindən və qanunundan xəbərdar olsaydılar, bilərdilər ki, qətli-nüfus ilə və qət’i-ə’za ilə vilayətə nəzm vermək qəbihdir. Çifayda, ümərayi-İran, bəlkə külli-əhli-İran, hətta despot özü də, heç bir elmin təhsilinə rağib deyillər. Səlatini-despot nə özləri [idarə və] politika elmini təhsil edirlər və nə varislərinə politika elmindən tərbiyət verirlər və belə güman edirlər ki, [idarə və] politika elminin səltənətə əsla lüzumu yoxdur və lüzumu olsa da, olar və onların vüzərası, bu elmi firəngin babasından da yaxşı bilirlər. Ey Cəlalüddövlə, sən bilirsən ki, [idarə və] politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki, Firəngistana səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkündürmü? Necə səfər etmək və küffar ilə necə mülaqat və mübaşirət eləmək? Aya, fanatik və şarlatan üləma bu əmrə razı olurmu? Aya, bu püç əqaid bu işə fitva verərmi? Və külli-əhli-İran elə zənn edir ki, olardan danatər aləmdə heç taifə yoxdur. Ondan ötrü ki, olar axirət elmindən guya bəhrəvərdirlər və axirət elmindən başqa ülum, bifaidə və əbəsdir. Mükərrər Təbriz xalqından eşidirəm ki, deyirlər: firənglər vaqeən ülumi-suriyyədə, yə’ni dünyəviyyədə tərəqqiyi-külli edibdirlər, çifayda ülumi-mə’nəviyyədə, yə’ni diniyyədə qəflətdə və zülmətdədirlər. Biçarələrin bu iştibahlarına səbəb zalim molla və vaizdir. Dünən məscidi-camedə axund Molla Sadığın və’z məclisində oturmuşdum. Biləsən ki, nə pərpuçat, “Əlif-Leylə”nin əfsanələrindən bədtər təqrir etdi. Biçarə xalq onun təqriratında olan pərpeçatı elm fərz edib, bu səbəbə özünü bəsirətdə güman eyləyir və firəng əhlini qəflətdə bilir. Vallah Firəngistanın on iki yaşında tifli bu növ pərpuçata bavər etməz. Məclisi-vəz’i ikinci məktubumda vəsf edəcəyəm. İndi yorulmuşam, xudahafiz. Hacı Fətullahi-Rəştidən sənə bir bəstə Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar elə. Kəmalüddövlə * * * İkinci məktub Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu? Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddətdə cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. Və illa min-min illər keçər ki, bu murad hasil olmaz. Dövləti-İran qədimi qüdrət və qüvvət və əzəmətini mübarə hasil edə bilməyəcəkdir, məgər tərbiyəti-millətlə və tərbiyətimillət sühulət ilə müyəssər olmayacaqdır, məgər kəsbi-savad ilə; kəsbi-savad ümumi-nas üçün hüsula gəlməyəcəkdir, məgər xəttihazırın islah və təğyiri ilə və xəttin islahı surət tapmayacaqdır, məgər müəssiranə və həkimanə tədabir ilə * və müruri-zaman ilə ki, on ildən əskik olmaya və həm bu məramın təhsili vəsailindən birisi millətin halətindən təəssübü rəf etməkdir ki, üləma və ruhanilərin vasitəsi ilə müyəssər olur, bu şərt ilə ki, dövlət sabiqən bu mənzur üçün üləma və ruhanilərin tərbiyəsinə şüru’ edə və oları mənafei-ittihadın dərkinə və dövləteyn mabeyinində olan müğayirət xəsaratının fəhminə qabil eliyə və öz mənzurunun əncamına müsaidət göstərmək üçün hazır qıla, sonra işə iqdam edə. Ondan ötrü ki, bu növ tədbirimüqəddəm olmamış Əfşariyyənin bərqi-dirəxşəndəsi bu işə cəsarət etdi, amma səltənətini və başını bu sövdada bada verdi *. Xülasə, həkimanə tədabirsiz min illər gedəcəkdir * ki, İran əhli qəflətdən oyanmaz. Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəflətdə qalacaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət edəcək. Belə deyil, keçənlərin tarixinə nəzər etsin, görsün ki, hansı despot silsilənin İran səltənətində davamı olubdur? Madam ki, e’tiqadati-puç xalqın xəyalında cagirdir, ya bir zirək Bab çıxar, ya bir huşyar sahibi-məzhəb peyda olur, bu elmsiz və cinnə və şeytana və firiştəyə və mö’cizə və kəramətə və külli-xəvariqi-adatə inanan xalqı bir saatda özünə girəvidə elər və despotu aradan götürər. Aya, padişaha tapanca atan babilər, nə mə’lumdur ki, dübarə bir belə əməli-qəbihə iqdam etməyələr? Pəs səltənətin davamı və silsilənin bəqası mövqufdur elmə və millətin puç əqaiddən azad olmağına və bu şəraitdən sonra padişah gərək fərmauşxanalar açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun. Mülkü yalqız özünün bilməsin, özünü ancaq vəkili-millət hesab eləsin və xalqın müdaxiləsi + ilə qəvanin vəz’ etsin və parlamentlər tərtib eləsin və qəvanin iqtizasınca rəftar etsin və xudrə’y heç bir əmələ qadir olmasın, yə’ni proqres məsləkinə düşsün və sivilizasyon dairəsinə qədəm bassın, taki, bu səbəb xatirinə, məmləkəti, qüdrəti-kamileyi-sabiqəsin təhsil edənədək bir para həris və pürzur səltənətlərin təərrüzündən əmin qalmaq üçün dövəli-qadireyi-Firəngistanın hövzeyi-zəmanətində olmağa müstəhəqq və səzavar olsun və xalq onu bərgüzidə bilib sevsinlər və onun haqqına bir kimsəni şərik bilməsinlər və silsiləsinə bir kəsi müddəi olmağa qoymasınlar və onun vücudunu baisi-əmn və asayiş və + mucibi-ədalət və səadət bilsinlər və patriot olsunlar. Yə’ni padişahın ismi ilə vətəndən ötrü can və mallarını müzayiqə etməsinlər. Nəinki indiki kimi, qorxudan ona itaət göstərsinlər. Qorxu cəhətindən göstərilən itaətin e’tibarı və səbatı yoxdur. *Nadirdən ziyadə məxuf despot olmazdı və ona göstərilən itaətdən ziyadə itaət təsəvvürə gəlməzdi. Axır aləmə mə’lumdur ki, nəticəsi nə oldu. İtaət o surətdə binalıdır ki, iradətdən və məhəbbətdən naşi ola. Bərfərz ki, bu saatda İran xalqı padişaha itaət göstərir, aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti olub onun səltənətinin davamına və silsiləsinin bəqasına xahan olsun?. Ondan ötrü ki, padişah millətin mənafeyi üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi üçün padişahlıq edir və millətə tərbiyət vermək ilə və onun hüsni-halına və hüsni-övzaına ehtimam göstərmək ilə onu özünə mürid eləmir və onu özündən uzaq salır. *Tehranda müsafirlər mükərrər görüblər, padişah dişqarı çıxan vaxtlarda xalqı – ki, onun əyalıdırlar, – fərraşlar çub və çomaq ilə yoldan uzaq edirlər və əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurud edərlər. *Əgər padişah millətin atasıdır və millət onun övladıdır, pəs bu namehribanlıq atadan övlada nisbət nə vəchdəndir ki, oları çub və çomaq zərbi ilə öz kənarından uzaq edir? Xalqı uzaq etmək əgər bu yoldandır ki, əşrar, padişahın vücuduna qəsd etməsinlər, pəs nə üçün Firəngistan padişahları mükərrər hədəfi-küluleyi-tüfəng olublar, amma genə özlərinin təvəkkül və cür’ətlərini itirməyib, həmişə yalqız dişrə çıxıb seyrə gedirlər, ancaq uzaqdan onların müstəhfizləri nazirdirlər və xalq ilə hərgiz rücuları yoxdur. Yə’ni ixlas və iradət ümidini heç bir kəsdən tutmaq olmaz *. *Xülasə, ey Cəlalüddövlə, əsasi-səltənət gərək [o qərar ilə qurulsun ki, ingilis səltənəti o əsas üzrə bərqərardır, yə’ni səltənətikonstitusyon bina olunsun], qəvanin üstündə qurulsun. Ancaq bu surətdə səltənət davam tapar və millət padişahın mülkünün ədəmi-zəvalına cannisar olur *. Axund Molla Sadığın adın görüb özünü nəzərində mücəssəm elə və təqriratına qulaq as *. Günorta namazının vaxtında bir neçə rüfəqa ilə məscidi-came’ə daxil oldum. Məscid hər sinif xalqdan mala-mal idi. Bir tərəfdə tüccar, bir tərəfdə sair kəsəbə, bir tərəfdə nücəba oturmuşdu. Ünas tayfası dəxi bir məhəldə qərar tutmuşdu. Mən dəxi rüfəqa ilə bir guşədə əyləşdim. Axund Molla Sadıq namazdan fariğ olub minbərə süud etdi. Əvvəl bir xütbə oxudu ərəb dilində ki, mə’nasını oturanların, demək olar ki, heç biri anlamırdı. Vaqeən pakizə oxudu, ərəb hürufunun məxrəclərini əda etmək ilə mə’lum oldu ki, qəvaidi-təcvidə külli bələdiyyəti var imiş. Heyif ki, xütbəsi xatirimdə qalmadı. Sonra başladı. Axund Molla Sadıq: “Bu gün sizə cəhənnəm əhvalını vəsf edəcəyəm ki, qəflətdən oyanasınız və və dünyaya bu mərtəbədə aludə olmayasınız. Axund Molla Məhəmməd Baqir Məclisi rəhmətullah “Həqqül-yəqin” kitabında əhadisi-sərihə mucibincə yazıbdır: Əvvələn e’tiqad etmək gərəksiniz ki, sirat haqqdır, o, cisri-cəhənnəmdir və cəmi xəlaiq məhşər günündə onun üstundən mürur edəcək. Buna pülisirat tə’bir olunur; qıldan nazikdir, qılıncdan kəskindir, atəşdən qızğındır. Olar ki, mö’- mini-xalisdirlər, asanlıqla onun üstündən keçərlər, ildırım kimi və olar ki, günahkardırlar, onun üstündə titrərlər, ayaqları sürüşər, cəhənnəmə düşərlər. Cəhənnəmmin yeddi təbəqəsi var: əvvəlimci – cəhənnəm, ikimci – səir, üçümcü – səqər, dördümcü – cəhim, beşimci – ləza, altımcı – hətəmə, yeddimci – haviyə və cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur. Həmimi-gərm ibarətdir çirkdən və irindən. Bu həmimi-gərm, belə bir şeydir ki, əgər ondan dünya əhlinin sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Və cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhrdar səbu var. Və cəhənnəm atəşinin istiliyi yetmiş dərəcə dünya atəşinin istiliyindən artıqdır. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var və hər əqrəbin dişində üç yüz otuz zəhrdar səbu var. Və cəhənnəmdə bir quyu var ki, onun ağzını açanda cəhənnəm şö’lə çəkir. Və bir dağ var misdən, adına süud deyirlər və bir çay ərinmiş misdən ki, o dağın dövrəsində caridir və bu dağın istiliyi və təəffünü və kəsafəti bir mərtəbədədir ki, əhli-cəhənnəm həmişə ondan fəryad çəkər və əhli-cəhənnəmdə ərinmiş misdən köynəklər və cübbələr var, atəşdən zəncirlər var və hər cəhənnəm əhlinin ayağında atəşdən nal olur ki, şiddəti-hərarətindən məğzi başında qaynar. Xülasə, ənvaü əqsam əzablar müqərrərdir ki, tövsifi ilə təfhimi mümkün deyil. Cəhənnəmin xazini Malik adlı bir mələkdir ki, heç gülməz və həmişə xişmnakdır. Günahkarlar müttəsil cəhənnəmdə müəzzəbdirlər, həmişə fəryad edərlər ki, “ey Malik, bizim halımıza rəhm et!” Malik atəşdən bir zərf götürür qan və irinlə dolu, aparır onların qabağına, hərarətindən üzlərinin dərisi və əti tökülür. Cəhənnəm əhlini ki, qızğın daşların üstündə qərar tutarlar, başlarında dimağları qazan içində su kimi cuşə gələr. Günahkarların dərisi və əti və damarları və sümükləri tamam yanar, tökülər. Genə Allah bu ə’zanı yaradar və atəş genə başlar tə’sir etməyə və cəhənnəmin atəşindən şərarələr qalxar dəvələr böyüklüyündə və hər kəsi ki, o şərarələrin içinə atarlar, onu xurd-xurd edib sürmə kimi narın əzər. Sonra genə həqq-təala onu əvvəlki halına salar. Və günahkarların təamı həmişə zəqqumdandır və həmişə onların başlarına dəmir gürzlər çırpırlar və məlaikeyi-ğulaz və şidad oları işkəncəyə çəkərlər və oları zəncirə bağlarlar və hərgiz onların əzabı təxfif tapmaz və olara üzləri üstə atəşin üstündən sürürlər. Olar yalvararlar, qəbul olunmaz və hərgiz oların əzabı təxfif tapmaz və olara hərgiz rəhm olunmaz. Və cəhənnəmin on doqquz xazini var ki, gözləri ildırım kimi bərq vurar. Cəhənnəm əhli fəryad çəkərlər ki: “Ey xazinlər, bir gün bizə əzabdan nəcat verin!” Xazinlər deyərlər ki: “Aya, sizə peyğəmbərlər gəlmədilər?”. Cavab verirlər ki: “Gəldilər, biz oları təkzib etdik”. Pəs xazinlər deyərlər ki: “Sizin istiğasəniz sizə fayda verməz, atəşdə daimi qalacaqsınız, nəcatdan naümid olun!”. Mərg cəhənnəm əhlinə üz verməz ki, ölüb əzabdan xilas olalar. Cəhənnəm günlərinin birisinin tulu dünya günlərinin min ilinə bəra-bərdir. Cəhənnəm əhli fəryad və istiğasə və nalə edər ki: “Ey pərvərdigar, bizi cəhənnəmdən çıxar, ta ki, şayistə əməl edək”. Xitab yetişər ki: “Aya, sizə dünyada ömür verməmişdim ki, mütəzəkkir olasınız və aqibətinizi fikir edəsiniz və göndərmədimmi sizin tərəfinizə peyğəmbəri-nəzir, yə’ni qorxudan? İndi çəkin bu əzabı ki, sizə rəhm yoxdur”. Cəhənnəmin övsafını axund Molla Sadıq dəxi ziyadə təqrir etdi. Mərhum axund Molla Məhəmməd Baqir Məclisi vaqiən insaniyyət göstərib, cəhənnəm xüsusunda şərhi-kəşşaf yazmış imiş. Amma hamısını yazmağa mənim təvanam yoxdur. Bu qədərə iktifa etdim. Ey Cəlalüddövlə, bir xəyal elə ki, cəhənnəm əhli kimdir? Yarı əql ilə, yarı şəriət dilincə və dəlilincə səninlə danışacağam. Sırf əqliyyə dəlaili sonra eşidərsən. Hələ qülaq as, üsulid-dinin bir əsli ədalətdir, yə’ni müsəlman olan kəs gərək xaliqi adil bilsin. Xaliq məni yaradıbdır. Ey Cəlalüddövlə, bir para mütəəxxirini-üləmanın bimə’na əqvalını qoy kənara ki, guya mənim qabiliyyətim şəqavəti təqaza edibdir, yainki mən əvvəli-xilqətdə özüm təklifi rədd etmişəm və cəhənnəmə səzavar olmağa özüm səbəb olmuşam. Ondan ötrü ki, əvvəli-xilqətdə mənə təklif edəndə, əgər behişti və cəhənnəmi mənim qabağıma çəkib təklif ediblər və mən rədd etmişəm, onda mən gərək divanə olam və divanəyə bazxast etmək aqil tərəfindən nə şayistədir? Və əgər behişti və cəhənnəmi mənə göstərməmiş təklif ediblər, pəs mükəllif gərək dünyada dəxi zəhmət çəkib mənə bəşir və nəzir göndərməsin; zira ki, mən əvvəli-xilqətdə bəşarətsiz və nüzzarsız bir yol təklifi rədd etmişəm, dəxi dünyada bəşir və nəzir göndərməyin hasili yoxdur və təklifi qəbul edənlərə dəxi bəşir və nəzir göndərməyin heç lüzumu yoxdur. Ondan ötrü ki, olar onsuz da təklifi qəbul edibdirlər. Xülasə, ey Cəlalüddövlə, bir belə cəfəng əqidə – əgər dürüst təəqqül edəsən, – heç miləldə tapılmaz; bəhər surət... Xaliq məni yaradıbdır. Bərfərz dünyada mənə yüz il ömr veribdir. Hamıya mə’lumdur ki, bu yüz il nə qərar ilə keçir. Nə qədər sahibidövlət, nə qədər sahibi-qüdrət olsam da, genə alam və əsqamdan və hümumü ğümumdan azad olmayacağam. Bərfərz ki, bu yüz ildə mən hər gün qətli-nəfsə mürtəkib olmuşam və hər gün xaliqə şərik qərar vermişəm və bundan başqa ənvavü əqsam zünuba iqdam etmişəm və ölmüşəm. Ədalətin təqazası budur ki, xaliqi-adil məni cürmümün cəzasında müstəhəqqi-üqubət etsin. Mən razıyam ki, yüz ilin əvəzinə sahibi-ədalət xaliq məni yüz il, bəlkə iki yüz il, bəlkə üç yüz il, bəlkə dörd yüz il, bəlkə beş yüz il, bəlkə min il cəhənnəmdə yandırsın. Bundan ziyadə məni yandırmağa xaliqin, ədalət mucibincə, haqqı varmı? Xaliq dünya həyatından nə çox ziyadə ne’mətlər mənə kəramət edibdir ki, bu növ üqubətə məni giriftar edə və cəhənnəmdə ətim-əndamım çürüyə, tökülə, sümüklərim əzilə, sürməyə dönə, genə mənim yaxamdan əl çəkməyə; təzədən mənə ət və sümük verə, başlaya genə əzab verməyə ila zəmani-namütənahi. Aya, dünyanın yüz ilinin ləzzəti cəhənnəmin bir gününün əzabına bərabər olurmu? Çünki cəhənnəmin bir günü dünyanın min ilinə müsavidir, bavücudi ki, bu xaliqi sən gərək ərhəmərrahimin və mə’dəni-kərəm və mənbəi-rəhmət biləsən; bir belə cəhənnəm sahibi xaliq və bir belə müntəqim xaliq mirğəzəbdən və cəlladdan və qəssabdan və hər qisim züllamdan bədtərdir. Əgər xaliq mənim ilə belə rəftar edəcəkdi, niyə məni yaratdı? Mən haçan ondan həyat istədim? Əgər aqibətim belə ola, zəhrimar olsun onun yüz il dünya həyatı, hərçənd müttəsil ne’mət və fərəhlə olsa da. Əgər cəhənnəm doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir vücudinaməhbub, bir vücudi-məkruh və zalim görünür və əgər yalandır, bəs ey vazilər və ey alimlər və ey şarlatanlar, niyə biçarə avamı pərvərdigari-aləmin niəmatından məhrum edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz? Niyə onu cəhənnəm qorxusu ilə qoymursunuz sair miləl ilə mülaqat edə və ülum və sənaye öyrənə? Dünya gör-götür düynyasıdır, siz bu biçarə avamı bu növ pərpuçat ilə qoymursunuz niəmatiilahidən bərxurdar olmağa. Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; teatr, yə’ni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır [rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır]. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür isə də, amma xəbərdar deyilsiniz ki, e’tidal üzrə olduqda, zehnə cila verir və əqli cövhərləndirir; çünki insanın təbiəti fərəh və hüzn ilə məxluqdur və hər bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki, qolu bir il tərpətməyəsən, quruyur. Pəs vəsaili-fərəhü sürurdan kənarəcu olmaq həvassı məəttəl edər və əqli paslandırır və əgər e’tidal üzrə olmasa, yə’ni fərəh və sürurun qüvasını işlətməkdə ifrat olunsa, qüvalar təhlilə gedər. Siz gərək elmi-təbiətdən xəbərdar olasınız ki, bu işarənin həqiqətini fəhm edə biləsiniz. Əgər bu ləzayizin hirmanı dünyada tərəqqiyə bais olsaydı, zahid gərək idi ə’qəli-nas olaydı. Bavücudi ki, kövdəni-nasdır və əbləhi-zəmanədir. Ancaq şürbi-müskiratı mən’ edin ki, filvaqe’ islamda müskiratın hörməti bimisl qanundur; zira ki, bədən müskiratdan, e’tidaldan təcavüz olunduqda, bişübhə, əmrazi-müxtəlifəyə + mübtəla olur və axırda bilkülliyyə izmehlal tapır. Ancaq qumarı mən’ edin ki, dünyada insanın ömrünü biməsrəf və ləzzətini zəhrimara döndərən bir adət, bəlkə bir mərəzi-laəlacdır. Bir para kutəhnəzər əşxas e’tiqad edir ki, cəhənnəm qorxusu cəraimin ədəmi-süduruna baisdir. Aya, hansı müsəlmandır ki, yalqız cəhənnəm qorxusundan xalqın malını, əlinə düşəndə yeməyə, tüksüz uşaq əlinə düşəndə dəyməyə? Özgənin qızına və arvadına fürsət tapsa əl vurmaya? *Tamam oğrular, quldurlar və qatillər əvamünnasdan və cəhənnəmə inanan kəslərdən zühur edər. Heç ürəfadan oğru, ya quldur, ya qatil görübsənmi? Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə heyvanat kimi satanlar və oları iştira edənlər, tamam cəhənnəmə e’tiqad edənlərdirlər və bu ətfali-mə’sumənin bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan olan müştərilərdirlər ki, həcc mövsimində və sair məqamlarda onların iştirasına talib olurlar. Əgər iştira olmasa, baye’lər nə fayda mənzur edəcəklər ki, bir belə əməli-şəniə iqdam etsinlər? Pəs * cəraimin ədəmi-süduruna bais cəhənnəm deyil, bəlkə xövfisiyasəti-dünyəviyyədir və sərzənişi-əmsal və əqrandır və namus və qeyrət və əql və elmdir və həm təbiəti-bəşəriyyətdə vədiə olunan bir qüvvə və bir xasiyyətdir ki, əməli-xeyr ilə əməli-şərrə və əməlihəsən ilə əməli-səyyiə təşxis vermək üçün və əməli-xeyrdən məhzuz və əməli-şərrdən münzəcir olmaq üçün insanı qabil edər. Məsələn, bir tifli-yetimi-bisahibi-miskinə rəhm etməyi hər təbiət anlar ki, əməlixeyrü həsəndir və həzz aparır və bir tifli-yetimi və bisahibi-miskini vurmağı hər təbiət fəhm edər ki, əməli-şərr və səyyiədir və zəcr tapar və habelə sair cəraim xüsusunda dəxi təbiətin özü də rəhnümadır. Pəs hər qədri ki, elm ilə insanın əqlinin cövhərinə seyqəl verilsə, elm ilə və həm təbiətin köməyi ilə, o qədər məasidən özünü kənara tutar. Məəhaza qanuni-siyasət də gərək nəzərdə olunsun. Amma nə o qanuni-siyasət ki, zimnində qətli-nüfus və qət’i-ə’za ola, bəlkə o növ qanuni-siyasət ki, dövəli-müəzzəmədə mə’mul olur. Və illa puç e’tiqadat, cəhənnəm qorxusu və behişt ümidi hərgiz cəraimin süduruna mane deyil və cəhənnəm və behişti pakdamənliyə səbəb bilmək, zənnixətadır. Bəli, zahirən, bir para əşxas belə xəyal edirlər ki, olar filvaqe cəhənnəm qorxusundan və behişt ümidindən pərhizkardırlar. Amma iştibahdadırlar. Əgərçi onların özlərinə belə zahir olur, cəhənnəm qorxusunun və behişt ümidinin zahirdə filcümlə dəxli var isə də, batində başqa barik səbəblər dəxi bu halətə müqəvvidir ki, şəxs özü oları dərk edə bilmir. Əzqəbili-əğrazi-nəfsaniyyə – üləmanın nəzərində möhtərəm olmaq kimi, avamdan izzət və e’tibar mənzur etmək kimi və sair bu misilli zadlar kimi... Ey üləma, bir dəxi deyirsiniz ki, təşrihi-əmvat etməyin, haramdır; bu səbəbə ki, guya meyyitin ə’zası kəsilsə, həşrə naqis ə’za ilə gələr. Qoy meyyit naqis ə’za ilə həşrə gəlsin, nə çox ümdə mətləbdir? Amma onun təşrihinin vasitəsi ilə tibb elmində tətəbböati-kəsirə əmələ gələcəkdir və xəlayiqə naməhsur faydalar olacaqdır. İndi Yevropada elmi-tibb dəyişilib; bərahini-qatiə ilə və təşrih səbəbi ilə müşəxxəs ediblər ki, məclisi-mərəz nəsayicdədir, yə’ni qandan xali incə və ağ damarlardadır və bu cəhətdən elmi-tibbdə tərəqqiyati-vafirə zühur edibdir. Amma siz elə Sokrat və Bokrat zəmanəsinin qəvaidini dəstaviz edib təşxisi-əmrazda hər yerdə səfih rə’yiniz ilə yazırsınız: Xeyr, heç birisi deyil, siz bilmirsiniz, gedin öyrənin; bigünah əxlatın yaxasından əl çəkin və onların ziddinə əmrazə müalicə binasını qoymayın və xalqı qırmayın və bilasəbəb bahar fəslində fəsdə təklif etməyin və cövhəri-həyatı bilasəbəb azaltmayın ki, bədəndə heç bir əxlat qanın bərabəri deyil və onun təsfiyəsi fəsdilə xətadır. Və başa dəri papağı təcviz etməyin; ondan ötrü ki, qanın daima bədəndə gərdişi və dəvəranı var. Qanın təqazası daima bədəndə isti canibə meyl edib, soyuq canibdən rəm tapmaqdır. Dəri papaq vasitəsi ilə baş daima isti olur və qanı öz tərəfinə ziyadə cəlb edir və bu səbəb ilə ənvaiəmraz peyda olur; göz ağrısı kimi və onun əmsalı kimi. Hələ bu mətləbə bəst vermək mövqeyi deyil. Sabahı gün genə rüfəqa ilə getdim məscidə, axund Molla Sadığın və’zinə qulaq asmağa. Məscid dünənki kimi cəmiyyət ilə mala-mal idi. Gərək biləsən ki, məni nə rüfəqa tanıyır ki, kiməm, nə bir başqa əhəd. Guya bir səyyaham, adım da Ağa Kəmaldır. Rüfəqa ilə çəkildik bir guşəyə. Axund Molla Sadıq çıxdı minbərə. Bir fəsih xütbədən sonra başladı; hələ bu dursun. Ey Cəlalüddövlə, sən “Əlif-Leylə” kitabını – ki, Mirzə Əbdüllətifi-Təsuci farsi dilində qayətdə pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir – mükərrər oxurdun və deyirdin: Təəccüb edirəm bu “Əlif-Leylə”nin müsənnifindən ki, bu qədər yalanı haradan tapıbdır? İndi mən sənə deyirəm ki, təəccüb etmə, ərəb tayfası külli-təvaifi-dünyanın içində yalan qayırmaqda və əfsanə düzəltməkdə binəzirdir və İran tayfası dəxi yalana və əfsanəyə bavər etməkdə bimisldir. 31 İndi axund Molla Sadığın və’zinə qulaq as ki, axund Molla Məhəmməd Baqir Məclisinin “Həqqül-yəqin” kitabından nəql edirdi və gör ki, bir para ərəb, adlarını imami-qaibin süfərası qoyub, xüms və nəzr yığmaq üçün necə əfsanələr tərtib edibdirlər və əhli-İran dəxi onların əfsanələrinə necə inanıblar və bu əfsanələri özləri üçün əqaidi-diniyyə qərar veriblər. Əvvələn, təvarixdən sərahətən və saniyən, xudi-süfəranın halatından və rəvayatından və həm sair əşxasın hekayatından zimnən məfhum olur ki, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya tüfuliyyətdə vəfat edibdir və ya yəhtəmil, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya ilə qətlə yetibdir. Bəhərhal, bir para cüvəllağı, bir para qoyun donunda olan qurdlar və şarlatanlar, özlərinin beş günlük mənfəəti üçün bir böyük milləti illər ilə əqideyi-batilədə müqəyyəd və şərafəti-əqldən məhrum və məratibiinsaniyyətin ədnatərin payəsində saxlayıblar. İndi gələk axund Molla Sadığın və’zinə. Axund Molla Sadıq: Əhadisi-sərihə mucibincə xüruci-Mehdini, yə’ni on ikinci imamı, mütəvatir rəvayət edibdirlər və Mehdi zühur edəcəkdir dünyada bir + zaman ki, zülmdən və cövrdən məmlu ola və dolduracaqdır dünyanı ədldən və qistdən və cəm’i-kəsir o həzrətin viladətini görüblər və viladət zamanından qeybəti-kübra zamanınadək mülaqat ediblər və şiə, həmişə onun intizari-zühurunu çəkər. Müxaliflərdən çoxusu o həzrətin viladətinin təzyiqinə düşmüşdülər. Lihaza həqq-təala o həzrətin anasının həmlini məstur etdi; necə ki, həzrəti-Musanın anasının həmlini Fir’ondan məstur etmişdi. Amma cəm’i-kəsir o həzrətin viladətindən müttəle’ oldular. İmam Əliyyənnəqinin bacısı Həkimə xatun kimi və həmsayəlikdə olan bir mamaça övrət kimi və sairləri kimi. Və viladətindən sonra imam Həsən-Əsgərinin vəfatınadək çox camaat o həzrətin xidmətinə müşərrəf olmuşdular. İmam Həsən-Əsgəri Əhməd ibn-İshaqa buyurdu ki, pərvərdigarialəm o gündən ki, adəmi xəlq edibdir, bu zamana qədər dünyanı hüccətdən xali qoymuyubdur və qiyamətədək dəxi xali qoymayacaqdır. Mən soruşdum ki: “Yəbnə-rəsulullah, kim olacaqdır o hüccət?”. Ayağa durdu, evə daxil oldu və dişqarı çıxdı çiynində bir uşaq, on dörd gecəlik ay kimi, üç yaşında və dedi ki: “Ey Əhməd, məndən sora imam və hüccət budur ki, qaib olacaqdır”. Ərz elədim ki: “Aya, bir möcüzə və əlamət zahir olur ki, mənim xatirim mütməin olsun?”. Pəs uşaq təkəllümə gəlib fəsih ərəb lüğəti ilə dedi ki: “Mənəm Allahın bəqiyyəsi, dünyada və onun düşmənlərindən intiqam çəkən”. Sonra ərz etdim ki: “Yəbnə-rəsulullah, bu uşağın qeybəti tul tapacaqdır?”. Buyurdu ki: “Bəli, ey Əhməd, bu qeybət tul tapacaqdır, ta ki, tamam xalq dindən rugərdan olalar. Ey Əhməd, bu, Allahın qəribə işlərindəndir və onun sirlərindən bir sirdir və onun qeyblərindən bir qeybdir”. Və genə Yə’qubi-Mənqus rəvayət edir ki, bir gün imam Həsən-Əsgərinin hüzuruna müşərrəf oldum. Bir hücrədə oturmuşdu. Sağ tərəfində bir əlahiddə hücrənin qapısı var idi, üstündən bir pərdə asılmışdı. Soruşdum ki: “Ey mənim seyyidim, imamət səndən sora kim ilə olacaqdır?” İşarə etdi ki, o qapının pərdəsin götür. Vəqta ki, [pərdəni] götürdüm, bir uşaq çıxdı ki, beş qarış qəddinin uzunluğu idi. Təqribən səkkiz, ya on yaşında nəzərə gəlirdi; açıq qabaq, ağ üz, gözləri işıqlı, əlləri qəvi, sağ yanağında bir xalı və başında bir kakili var idi; gəldi atasının qucağında oturdu. Həzrət buyurdu ki: “Məndən sora imam budur”. Pəs uşaq qalxdı. Həzrət buyurdu: “Ey fərzəndi-girami, get vəqti-mə’lumədək ki, sənə müqərrərdir”. Pəs uşaq genə hücrəyə daxil oldu. Həzrət buyurdu: “Ey Yə’qub, o hücrəyə gir, bax gör kim var?” Girdim, o yana, bu yana dolandım, nəzər saldım, heç kəsi görmədim. Bir dəxi Məhəmməd ibn-Müaviyə və Məhəmməd ibn-Əyyub və Məhəmməd ibn-Osman rəvayət edibdirlər ki: bir dəfə imam Həsən- Əsgərinin mənzilində idik; öz oğlu həzrəti-sahibi bizə göstərdi və buyurdu ki: “Budur mənim xəlifəm, məndən sora ona itaət edin. Amma bu gündən başqa onu görməyəcəksiniz”. Məhəmməd ibn-Osman – ki, süfəranın ikincisidir, – rəvayət edir ki, çün mənim ağam həzrəti-sahib mütəvəllid oldu, imam Həsən-Əsgəri atam Osmanı tələb etdi, buyurdu ki, on min ritl çörək və on min ritl ət apar Bəni-Haşimə təsəddüq elə. Şeyx Məhəmməd ibn-Babveyh və Şeyx Tusi, sənədi-mö’təbər ilə rəvayət edibdirlər, Bəşir ibn-Süleymani-bürdəfüruşdan ki, Əbu-Əyyubi-Ənsarinin övladındandır [Rəvayət ediblər] ki, bir gün imam Əliyyənnəqi onu ehzar elədi və buyurdu ki: “Sən bizim dustdarımızsan, get filan yerlə cisr üstündə əsirlərin kəştisi gələndə filan surətdə olan kənizi bərdəfüruş Əmr ibn- Yeziddən xərid elə!” Getdim, aldım. Axırda mə’lum oldu ki, bu kəniz qeysər padişahın qızı imiş; onu imam Həsən-Əsgəriyə əqd etdi. Həzrəti-sahib ondan təvəllüd tapdı və o kənizin adı Nərgis xatun idi və onda həzrəti-sahibin viladət zəmanınadək əsəri-həml mə’lum deyil idi. Ondan ötrü ki, imam Həsən-Əsgəri əmməsi Həkimə xatuna Nərgis xatunun vəz’ihəml zamanında buyurdu ki: “Biz imamların həmli şikəmdə olmaz, pəhluda olur və biz ananın rəhmindən təvəllüd tapmarıq, bəlkə ananın budundan təvəllüd taparıq. Bu səbəbə ki, biz həqq-təalanın nuruyuq. Məhəlli-çirk və kəsafətdən ki, ananın fərcidir, bizə xüruc etmək + səzavar deyil”. Bir gün, Əhməd ibn-İshaq, Sə’d ibn-Abdullahı özü ilə bərabər imam Həsən-Əsgərinin hüzuruna aparmışdı ki, ondan bir neçə məsələ soruşsun. Sə’d ibn-Abdullah rəvayət edir ki, imam Həsən-Əsgərinin hüzuruna daxil olanda gördük ki, bir tifl o həzrətin qucağında oturubdur, kəmali-hüsni-cəmalda, başında kakil, həzrətin yanında qızıldan bir alma var idi ki, əkabiri-Bəsrədən birisi ona hədiyyə göndərmişdi və əlində o, bir namə yazırdı. Çün tifl mane olurdu, həzrət qızıl almanı tullayırdı, tifl onun dalısınca gedəndə məşğuli-kitabət olurdu. Çün Sə’d istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, bu mənim fərzəndimdən soruş ki, mənim vəsiyyi-canişinimdir. Mö’təzid xəlifəyə xəbər vermişdilər ki, imam Həsən-Əsgəridən bir tifl qalıbdır. Xəlifə, Rəşiqi və başqa iki nəfər qulamı göndərdi Samirəyə və buyurdu ki: “İmam Həsən-Əsgərinin evinə daxil olun və hər kimi haman evdə tapsanız, başını mənə gətirin!” Rəşiq rəvayət edir: “Vəqta ki, Həsən-Əsgərinin evinə yetişdik, evin dəhlizində bir qara qul oturmuşdu, bəndi-zircamə toxuyurdu. Soruşduq ki: “Bu evdə kim var?” Cavab verdi ki: “Sahidi”. Dəxi bizə ziyadə mültəfit olmadı. Evə daxil olduq. Müqabildə bir pərdə gördük; çün pərdəni qaldırdıq, bir böyük hücrə nəzərə gəldi və o hücrənin içində bir böyük su, dəryaçə kimi müşahidə olundu və hücrənin intəhasında suyun üstündə bir həsir döşənmiş gördük. Və haman həsirin üstündə bir nikumənzər şəxs namaza məşğul idi. Heç bizə mültəfit deyil idi. Püfəqadan birisi, Əhməd adlı, ayağın hücrənin içinə uzatdı. Həmin saat suda qərq olmağa başlayıb iztiraba düşdü. Mən əlimi uzatdım, onu çəkdim çıxartdım. Bihuş oldu. Bir saatdan sonra huşa gəldi. Pəs o birisi rəfiq iradə etdi ki, daxil olsun; onun da halı bu qərar ilə oldu. Mən mütəhəyyir qaldım, üzrxahlıq başladım və dedim ki, ey müqərrəbi-dərgahi-ilahi, vallah, bilmədik ki, kimin yanına gəlirik. Həqiqəti-haldan müttəle deyildik. İndi tövbə edirik. Heç bizə mütəvəcceh olmadı. Bizim ürəyimizə əzim heybət düşdü, qayıtdıq, Mö’təzid bizim intizarımızı çəkirdi. Vəqta ki, yetişib qissəni nəql etdik, buyurdu ki: “Əgər bu sirri bir afəridəyə nəql edərsiniz, bişübhə hamınızın boynunu vuraram”. Mö’təzid ölənədək bu hekayəti bir kəsə nəql etməyə bizim cür’ətimiz yox idi”. Küleyni rəvayət edir ki, İshaq ibn-Yə’qub həzrəti-sahibin xidmətinə bir ərizə yazıb, ikinci səfir Məhəmməd ibn-Osmana təslim etdi ki, həzrətə yetirsin. İshaq ərizəsində həzrətdən sual etmişdi ki, aya sənin qeybətinin illəti nədir və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir? Ey Cəlalüddövlə, görək həzrət necə mətin cavab verəcəkdir ki, sailə sükut hasil ola. Və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir? Həzrət cavabında yazdı ki, amma illəti-qeybət, pəs həqq-təala buyurur ki: Və amma o ki, sual eləmişdin: xalqın vəchi-intifaından mənim qeybət halımda, pəs bil ki, xalqın intifaı məndən mənim qeybət halımda gündən olan intifa kimidir, bulud altında olan zaman. Bədürüsti ki: mən əmani-əhli-zəminəm Allahın əzabından, necə ki, ulduzlar əmani-əhli asimandadırlar. Pəs bağlayın sual qapısını ki, sizə nəf’i yoxdur və təklif etməyin bir işdə ki, onu bilməyi sizə təklif etməyibdirlər və dua edin ki, həqq-təala sizə tezliklə fərəc kəramət etsin ki, sizin səlahınız bu duadadır. Allahın salamı sənə olsun və hidayətə tabe’ olanlara. Bundan nə çıxdı, ey Cəlalüddövlə, bu fikir o suala cavab oldu? Bəhər surət... İmami-Cə’fəri-Sadiq buyurubdur ki, həzrəti-qaimin iki qeybəti olacaqdır: birisi qısa ki, adına qeybəti-süğra deyirlər; birisi uzun ki, adına qeybəti-kübra deyirlər. Əvvəlinci qeybətdə onun yerini bilən olmayacaqdır, məgər xəvassişiəyan və ikinci qeybətdə onun məkanın bilən olmaz, məgər övliyalar. Pəs vəqta ki, əhadisi-mütəvatirə həzrəti-qaimin vücuduna dəlalət edər, o həzrəti inkar etmək məhz tuli-həyatının qərabəti səbəbi ilə bisurətdir. Bavücudi ki, Həzrəti-Xizrin həyatına, Həzrəti-Nuhun ömrünün min il olmağına və Həzrəti-Loğmanın ömrünün üç min il olma- + ğına xalq qaildir. Və sual etmək ki, imami-qaibin vücudunda qeybət halında nə fayda var? Bivəchdir; zira ki, imamın qeybət halında haman fayda var ki, sabiqi peyğəmbərlərin qeybət halında vardır. Məgər bu səvab fayda deyil ki, şiəyan onun imamətinə e’tiqad edib zühuruna müntəzirdirlər? Ey Cəlalüddövlə, görürsənmi ki, qeybətin faydası sübutunda axund Molla Məhəmməd Baqir Məclisi nə gunə bürhani-qate izhar edir? Bəli, bu dəlildən sonra dəxi şübhə etməyə hərgiz imkan yoxdur. İmami-Cə’fəri-Sadiqdən mənquldur ki, hər kəs həzrəti-qaimin intizarını çəkib vəfat edə, ol kəsin mənziləsindədir ki, o həzrətin xeyməsinin altında o həzrət ilə bir yerdə calis olmuş ola və həzrəti-rəsulun xidmətində şəhid olmuş ola və həm sabitdir ki, hər il imami-qaib həccə gəlir və xalqı tanır və xalq onu tanımazlar və həzrəti-sahibin qeybəti-süğra əyyamında süfəranın təvəssütü ilə şiələrə tövqiat yetişirdi və imami-qaibdəndir bu hədis ki, mənim qeybət halımda rücu edin biz ali-rəsulun əhadisini rəvayət edənlərə ki, olar bizim hüccətimizdirlər və mən Allahın hüccətiyəm. Bu babda əhadis həddi-hesabdan ziyadədir. Bu dəlail və nüsusdan sonra ki, axundi-mərhum, həzrəti-qaimin qeybətinə iqamə edibdir ziyadə dəlail zikr etməyə ehtiyac yoxdur. Ey Cəlalüddövlə, səbətəl-mətlub. Həzrəti-qaimin qeybəti-süğrasında süfəraları var idi ki, xalqın ərayizini həzrətə yetirərdilər və o həzrətin xətti-şərifi ilə cavab gətirərdilər və xalqdan yetişən xüms və nəzrləri təhvil alıfb həzrətə ərz edərdilər və həzrət dəxi buyurardı ki, sadatə və şiələrin füqərasına yetirsinlər və ənva kəşfü-kəramat süfəradan zahir olurdu. Qeybəti-süğranın müddəti yetmiş il çəkdi. Süfəranın əvvəlincisi Osman ibn-Səid-Əsədi idi ki, ədaləti və əmanəti, imami-Həsən- Əsgərinin şəhadəti ilə sabit idi. İkincisi Əbu-Cə’fər-Məhəmməd ibn- Osman idi; yə’ni əvvəlinci səfirin oğlu ki, atası hini-vəfatından səfarəti və peşəsini öz oğluna tapşırdı, bu xüsusda Məhəmməd ibn-Osman, imami-qaib tərəfindən dəxi namə izhar etdi ki, atasının bərhəqq canişinidir. Məhəmməd ibn-Osman vəfat edəndə səfarəti Əbülqasim Hüseyn ibn-Ruh-Növbəxtiyə vəsiyyət etdi və Hüseyn ibn-Ruh, iyirmi bir ildən ziyadə məşquli-səfarət oldu və mərcəi-cəmi-şiə idi. Bir nəhv + təqiyyədə mahir idi ki, sünnilər onu özlərindən bilirdilər. Taki, üç yüz iyirmi altıncı tarixdə riyazi-bexiştə irtihal etdi və imami-qayibin əmri ilə səfarəti şeyx Cəlil Əli ibn-Məhəmməd Samiriyə təfviz elədi və şeyx Cəlil üç il əmri-səfarətə məşğul oldu və tarix üç yüz iyirmi doqquzda vəfat etdi. Qeybəti-kübra başlandı. Şeyx Cəlil Əli ibn-Məhəmməd Samirinin vəfat halətində şiələrdən bir neçəsi onun hüzuruna getdilər. İmamiqaibdən bir fərman çıxdı: “Bismillahirrəhmanirrəhim. Ey Əli ibn-Məhəmməd Samiri, həqqtəala böyük eləsin sənin qardaşlarının əcrini sənin müsibətində. Sən altı gündən sonra dünyadan müfariqət edəcəksən. Pəs öz işlərini cəm elə və bir kəsi özünə vəsi və qaim-məqam etmə ki, indidən qeybətikübra və tammə başlandı. Olur ki, bu qeybətin müddəti çox tul tapsın və ürəklər səngin olsun və yer sitəmdən və cövrdən dolsun, amma bu qeybət zamanında hər kəs şiələrdən iddia etsə ki, məni görübdür, düruğgu və iftira deyəndir. Ey Cəlalüddövlə, pəs mə’lum olur ki, şiələrdən imami-qaibi görmək xüsusunda düruğ iddia etmək ehtimalı var imiş. Bu surətdə həmin ehtimal süfəranın öz haqqında dəxi şamil olmazmı? Və onların sadiqliyi hansı dəlili-əqli ilə sabit olur? Kisaniyyə dəxi Yəməndə qaildirlər ki, Məhəmməd Hənəfiyyə qeybət edibdir. Siz deyəcəksiniz ki, olar yalan deyirlər. Xeyr, özünüz yalan deyirsiniz. Qeybətin isbatına siz ki, dəlili-əqli gətirmirsiniz, sizin e’tiqadınız bu babda məbnidir bir neçə nəfər əyyar əbləhfiribin rəvayətinə. onların məgər bu cürə əyyarları yox idi? Haradan mə’lum olur ki, sizin əyyarlarınız doğru danışandırlar və onların əyyarları yalançıdırlar? Bəhər surət... Süfəradan çox mö’cüzat zühur edərdi; o cümlədən bir yol Əbu- Əli-Bağdadi nəql edər ki: İbn-Cavşir tərəfindən on şümş tila gətirirdim ki, Bağdadda Hüseyn ibn-Ruha verim. İttifaq [üzündən] yolda bir şümşü itirdim; onun əvəzinə başqa bir şümş bazardan aldım, qoydum. Vəqta ki, Hüseyn ibn-Ruhun hüzuruna yetişdim və şümşləri ərz etdim, işarə elədi ki: filan şümşü götür ki, onu bazardan almısan; zira ki, məfqud olan şümş bizə vasil olubdur. O saatda əlin uzatdı, yolda məfqud olan şümşü çıxarıb göstərdi. Bir dəfə dəxi, Bağdadda bir arvad, şiələrdən soruşurdu ki, imamiqaibin vəkili kimdir? Şiələrdən birisi Hüseyn ibn-Ruhu ona nişan verdi. Arvad gəldi Hüseynin yanına, dedi ki: “Xəbər ver mənə ki, sənə nə gətirmişəm, taki, təslim edim”. Hüseyn dedi: “Hər nə gətiribsən, tulla Dəclənin içinə. Sonra deyərəm”. Arvad gətirdiyini Dəclənin içinə tulladı. Hüseynə rücu etdi, Hüseyn xadimə dedi ki: “Gətir haman hoqqanı!”. Xadim hoqqanı gətirəndə, arvada dedi ki, “Gətirdiyin bu hoqqa idi. Bunun içində bir cüft tila biləzik var və neçə dürdanə var və neçə əqiq və firuzə əngüştəri var”. Arvad heyrətindən bihuş oldu. Bir dəfə də Həsən ibn-Əhməd Nasiriddövlənin məclisində imamın qeybətindən söhbət düşmüş imiş, Həsən ibn-Əhməd istehza edirmiş ki, qeybət, kizbdir. Bu halda onun əmisi Hüseyn daxili-məclis olub deyibdir ki: “Balam, şəkk etmə və istehza eləmə. Mən də əvvəl sənin kimi şəkk edirdim, amma vəqta ki, məni Quma hakim etdilər, qoşun ilə gedirdim, bir şikarın dalısına düşüb tənha, dəstələrdən uzaqlaşdım. Çox iraq düşdüm, nagah bir səvar peyda oldu, əşhəb atın üstündə; xəzdən yaşıl əmmamə başında, qırmızı çəkmə ayağında. Mənə əmir xitab etməyib dedi ki: “Ey Hüseyn, niyə mənim qeybətimdə şəkk edirsən və niyə malın xümsünü mənim əshabıma və nəvvabıma vermirsən?”. Mən xofdan titrədim. Ərz etdim ki: “Sənə fəda olum, necə ki, buyurursan, əməl edərəm”. Buyurdu: “Filan yoldan qayıt, ləşkərinə çatarsan və əgərçi Qum xalqı xəlifəyə asi olublar, amma sən bizim bərəkətimizdən biduni-qital və cidal daxili-şəhr olursan və kamranlıq görürsən və hər nə ki, kəsb edərsən, onun xümsünü mənim naibimə yetir!” Ərz etdim: “İtaət edərəm!”. Buyurdu ki: “Get, indi rüşd ilə və səlah ilə!” Sonra nəzərimdən qaib oldu. Vəqta ki, mən Qum hökumətindən mə’zul olub, çoxlu mal ilə Bağdada varid oldum, xalq məni görməyə gəldilər. O cümlədən Məhəmməd ibn-Osman-Əsədi də gəlib oturdu. Hamı gəlib gedirdi; elə Məhəmməd otururdu və heç danışmırdı. Ürəyimdə çox acığım tuturdu ki, görəsən bu niyə durub getmir? Ta inki məclis münqəzi oldu, Məhəmməd mənə yaxın gəlib dedi ki, mənim ilə sənin mabeyinində bir sirr var, eşit! Dedim: – Söylə. Dedi ki: – Əşhəb atın sahibi buyurur ki, biz və’dəmizə vəfa etdik, sən də və’dənə vəfa elə. Dedim: – Canıma minnətdir. Durdum əlindən tutdum, içəri apardım. Sandıqlarımı açdım, xümsimalımı küllən ona təslim elədim. Bir para malım ki, yadımdan çıxıb, xümsü qalırdı, Məhəmməd mənim yadıma salırdı; onun da xümsün alırdı. Ey Cəlalüddövlə, mən başa düşmürəm ki, bu süfəranın mö’cüzatı, ya kəramatı niyə elə xüms və hədiyyə və nəzr babətindən büruz edirdi? Bəhər surət! Ey Cəlalüddövlə, madam ki, sən və sənin həmməzhəblərin, elmi-təbiətdən və elmi-nücumdan xəbərdar deyilsiniz və madam ki, xəvariqi-adatı və mö’cüzatı mümtəni və qeyri-məqdur bilməyə sənin və həmməzhəblərin əlində bir qaideyi-elmiyyə yoxdur, sən və onlar həmişə xəvariqi-adatə və mö’cüzatə və caduyə və sehrə və məlaikəyə və cinnə və şəyatinə və divə və pəriyə və sair bu qəbil mövhumatə inanacaqsınız və həmişə cəhalətdə qalacaqsınız. Elmi-təbiəti və elmi-nücumu bu məktubda sənə və sairlərə tə’lim etmək mümkün deyil; amma qaideyi-elmiyyəni bir növ ilə təqrir + etmək olur, yəhtəmil ki, ondan filcümlə bəsirət hasil edəsiniz. Əvvələn biz görürük ki, bu aləm mövcuddur. Pəs bu mövcud ya özbaşına mövcuddur, öz qanunu ilə, yə’ni öz vücudunda bir başqa əcnəbi vücuda möhtac deyil. O surətdə biz müttəfiq oluruq vəhdətivücuda qail olanların bir güruhu ilə, Əbdürrəhman Cami kimi və Şeyx Mahmud Şəbüstəri kimi və [Ksenofan] Petrarq, [Monteskiyö] ++ və Volter firəngi kimi və deyirik ki: külli-kainat bir qüvveyivahidə və kamilədir, yə’ni bir vücudi-vahidi-kamildir, latühsa kəsəratda və müxtəlif əşkalda və ənvada zühur edibdir. Bilaixtiyar öz təhti-qanununda, yə’ni təhti-şürutunda. Məsələn, qanun budur ki, kişi gərək arvad ilə məqaribət etsin; onun nütfəsi arvadın rəhmində qərar tutsun. Doqquz ay tifl ananın rəhmində həyati-nəbati tapsın, sonra təvəllüd etsin və həyati-heyvani tapsın və hava ilə nəfəs çəksin və süt əmsin və nəşvü nüma etsin, cəvan olsun, qocalsın, sonra müzməhill olsun ki, biz ona mövt xitab edirik və cəmad aləminə intiqal etsin. Zihəyatda qanun budur, yə’ni şərt budur ki, ağacın həbbəsi gərək torpaq altına sancılsın, ona vaxtında su verilsin və gün və hava ona pərvəriş etsin, bitsin, balaca ağac olsun, sonra yekələnsin, illər ilə yaşasın, yemiş gətirsin, axırda qocalsın, qurusun, çürüsün, yıxılsın, tələf olsun. Nəbatatda dəxi qanun budur, yə’ni şərt budur. Soruşacaqsan ki, bəs nütfə və həbbə əvvəl haradan peyda olur? Cavab budur ki, bu kainat bir qüvveyi-vahidə və kamilədir əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xa- +++ təmə olacaqdır, zaman da onun mütəziyatındandır, məkan da onun təkəyyüfatındandır. Əgər deyəsən ki, vücudun öz-özünə ərseyi-zühura gəlməyi mahaldır, bu kainat gərək bir özgə vücudun iradəsi ilə zühur edə. Pəs haman özgə vücud da, bu dəlil mucibincə bəheysiyyəti ki, vücuddur, gərək bir başqa vücudun iradəsinə mövquf ola və haman başqa vücud da bir qeyri cüvudun xahişinə möhtac ola. Habelə nəhayətsiz; bu, təsəlsülə çəkər, ayağı bir yerdə bənd olmaz. Əgər deyəsən ki, özgə vücud sahibi-qüdrətdir, pəs sahibi-qüdrət olmaq bir əmrdir mövcud ilə, o qüdrəti bu gördüyün vücudda bil; haman özgə vücud ki, mövhumidir, sənin əmin oğlu deyil ki, bu qüdrəti onda sabit edirsən, bu gördüyün vücudda rəva görmürsən. Pəs sənin çarən yoxdur, məgər inki, ancaq burada dayanasan, qulaq asasan, zira ki, sənin həvassi-pəncganən ilə bundan artıq bilmək olmaz. Bu surətdə, bu qüvveyi-vahideyi-kamilənin, bu vücudi-vahidi -kamilin kəsəratda zühur edən hər cüzvi xah kürati-səmaviyyə, xah kureyi- Ərziyyə və hər qism mövcud, vücudi-vahidə nisbət fərdən-fərdən cüzvdür, fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Pəs bu vücudi-vahid, xaliq də özüdür, məxluq da özüdür. Pəs hansı zərrə, hansı zərrdən xahiş edəcək ki, filan əmri mənim müradımca bitir bəxilafi-qanuni-mə’lum? Və aya, hansı zərrə qadirdir ki, bu zərrənin xahişi mucibincə bu əmri bəxilafi-qanun mə’mul etsin? Dəxi tövzih ilə və misal ilə deyim: məsələn, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, filankəsin başını sahibinin bədəninə müttəsil elə, dirilt? Və aya, hansı zərrə bu xilafi-qanun təklifi bitirməyə qadirdir və aya, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, mənə min il ömür ver və aya, hansı zərrə qadirdir ki, bu növ xilafi-qanun xahişi əmələ gətirə bilsin?.. Şəmsin və qəmərin ki, – olar dəxi zərrədirlər, – qanunu budur ki, tülu etsinlər, işıq salsınlar, hər birisi müəyyən olan qanun ilə. [Aya] hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, şəmsi yox elə və qəməri şəqt et? Aya, hansı zərrə bu xilafi-qanun təklifi mə’mul etməyə qadirdir? Bizim kürəmizdə ki, Ərzdir, qanun budur ki, zihəyatın bir parası hava ilə, bir parası su ilə tənəffüs edir; aya, hansı zərreyi-zihəyati-ərzi və həvai, hansı zərrəyə gərək rücu etsin ki, məni məsafəti-həvadan fövqi-fələki-ə’laya süud etdir ya məni qə’ri-dəryada səyyar et? Və aya, hansı zərrədir ki, bu xilafi-qanun əmrə müqtədir olsun? Aya, hansı zərreyi-zihəyati-ərzi və abi, hansı zərrədən gərək təmənna etsin ki, məni sudan xaric yer üzündə həva içində gəzdir? Aya, hansı zərrənin bu təmənnanı bitirməyə qüdrəti var? Bizim kürəmizdə ki, ərzdir, qanun budur ki, külli-əcsam, gərək mər’i ya məhsus olsun, əgər mələk və cin və şeytan və div və pəri bizim kürəmizin əcsamındandırlar, gərək mər’i və ya məhsus olsunlar, əgər başqa kürələrin əcsamındandırlar, bizim kürəmizə nüzul edə bilməzlər. Ondan ötrü ki, hər kürənin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi var ki, öz üstündə olan mövcudata sair kürələrə nüzul və übur etməkdən manedir. Aya, hansı zərrə, hansı zərrədən gərək istid’a etsin ki, filan mələki mənim yanıma göndər və aya, hansı zərrədir ki, bu istid’anı icabət etməyə qadir olsun? Bu qaideyi-elmiyyə mucibincə külli-xəvariq-adat, yə’ni küllixilafi-qanun əməl misli-mö’cüzat və kəşfükəramət və cadu və sehr və + rəml və cəfr və kimya mümtəne’ olur və külli-məlaikə bizim kürəmizdə və külli-əcinnə və şəyatin və div və pəri və buların əmsalı, + mövcudati-xəyali görünür. Saniyən, bu bəyan olunan əqidəni qoyuruq kənara, qail oluruq ki, bu aləm mövcuddur vücudi-küllün vasitəsi ilə ki, mənbə’dir və cəmi mövcudat haman küllə nisbət cüzvdür; mövcün nisbəti dəryaya olan kimi, hübabın nisbəti suya olan kimi. Və cəmi cüzv ayrılıbdır haman külldən və vücudi-küll əsldir və vücudi-cüzv fər’dir. Bu fər’ genə əslə rücu edəcəkdir, yə’ni dərya təməvvüc edəcək, mövc qalxacaq, genə mövc pozulacaq, dəryaya ricu’ edəcək su hərəkət edəcək, hübab salacaq, hübab qübbələnəcək, sonra genə pozulacaq, suya vasil olacaq: və həqiqətdə küll və cüzv, bir vücudi-vahiddir, zühur edibdir genə + bila-ixtiyar latühsa kəsəratda və müxtəlif ənvada və əşkalda zikr olunan qaidə üzrə öz təhti-qəvanində, yə’ni şürutunda. *Bu surətdə biz müttəfiq oluruq vəhdəti-vücuda qail olanların başqa güruhu ilə [Brəhmən və] Şəmsi-Təbrizi kimi, Mollayi-Rumi kimi [və Spinozayi-yəhudi] və sair ürəfa kimi *. Necə ki, Mollayi- Rumi deyibdir: Pəs bu cüzvlərin külldən zühura gəlməyində genə haman qaidə və qanun və şürut caridir ki, əvvəlki əqidədə zikr olundu və bu zühurda nə küllün ixtiyarı var, nə cüzvün. Pəs küll cüzvə, yə’ni özü-özünə necə deyə bilər ki, məni tanı: aya, küllün cüzvdən fərqi nədir? Bəqeyr-əzinki o külldür və bu cüzvdür; baş ilə əl kimi? Aya, küllün cüzvə və ya cüzvün küllə nə tərcihi var? Ondan ötrü ki, hər ikisi şey’ivahiddir, kəmali-qüdrətdə, məhz büruzi babında müəyyən olan qüvvənin və şürut dairəsində. Aya, cüzv külldən bir şey təmənna etsə, küll necə yerinə yetirə bilər? Aya, küll cüzvdən bir şey xahiş etsə, cüzv necə o xahişin əncamını bacarır? Çünki nə külldə ixtiyar var, nə cüzvdə. Aya, küll cüzvə necə təklif edə bilər ki, sən mənə sitayiş elə? Aya, baş necə ələ deyə bilər ki, sən mənə ibadət elə, yə’ni şey’ivahid özü-özünə necə təklifi-ibadət edə bilər? Pəs mucid və mövcud oldu vücudi-vahid bir qüvveyi-qadirə və kamilə öz təhti-qəvaninində bilaixtiyar. Bu qaidə ilə dəxi xəvariqi-adat və mö’cüzat və kəşfükəramat və sehr və cadu və rəml və cəfr və kimya və məlaikə və əcinnə və şəyatin və div və pəri və buların əmsalı olan mövhumi vücudlar ki, müxalifi-qanun xəyal olunurlar, mümkünatdan deyillər. Vəhdəti-vücuda qail olanların əksəri bu əqidədədir. Budur o kəlmənin mə’nası ki, həqq-təala laməkandır, yə’ni şey’i-vahid öz-özünə məkan vaqe ola bilməz, budur o ayənin mə’nası ki: Budur o hədisin mənası ki: *Budur hədisinin tövcihi, yə’ni neçə cüzvdən ibarət olan küllün ki, şey’i-vahiddir, bir cüzvü mə’dum olsaydı, o biri cüzvləri dəxi laməhalə mə’dum olurdu və heç vücud olmazdı. Budur Mənsurun qövlünün mə’nası ki, ənəlhəqq dedi, yə’ni bu tə’bir ilə ki: mən və küll ibarətdir bir qüvvə və bir vücudi-vahid və kamil sahibiqüdrətdən öz nəfsində; yə’ni ki, qüdrət onun öz nəfsində qəvaninimə’lumə ilə lazım düşübdür, necə ki, hərarət atəşin vücuduna lazımdır və ondan münfəkk ola bilməz: Amma nə bu tə’bir ilə ki, küll məndən səva olub, məhə hülul edibdir və ya küll məndən səva olub mənim ilə ittihad qəbul edibdir. [Mollayi-Ruminin bu iki beytinin mə’nası budur: Yə’ni Musa və Fir’on ikisi də, Məhəmməd və Əbucəhl ikisi də bir varlıq idilər. Elə ki, öz əsllərindən ayrılıb təəyyün aləminə gəldilər, bir-biri ilə vuruşdular. O zaman ki, öz əsllərinə qayıtdılar, genə də əvvəldə olduqları kimi vahid vücud oldular]. Budur fənanın mə’nası ki, cüzv vəqta ki, özlüyünü *Bu əqideyi-saniyə və əqideyi-ula hər ikisi, həqiqətdə e’tiqadivahiddir, amma ürəfanın [və hükəmanın] istilahı oları bir növ il bir-birindən mütəfat göstərir *. Salisən, bu əqidəni də qoyarıq kənara, rücu edərik mütəşərrilərin əqidəsinə və deyərik ki: bu aləm mövcuddur və hadisdir; bunun bir mucidi var ki, o, qədimdir və mövcudatdan qeyrdir. O mucid mər’i deyil və qadiri-muxtardır bu aləmi öz + qüdrəti ilə yoxdan var edibdir, ixtiyarı var genə bu aləmi yox etsin. Bu surətdə biz bu mucidi-özümüz kimi fərz edərik, bir vücudisahibi-qərəz və sahibi-mehr və kin, bir hübbi-caha və şöhrətə talib, bir müntəqim ki, bizi yaratmaqdan qərəzi, özünü şöhrətə vermək imiş. Və qərəzi bu imiş ki, biz ona sitayiş edək. Və bizim sitayişimizdən ləzzət aparacaq. Vəqta ki, biz sitayiş ilə onun ləzzətinə bais olacağıq, bizdən xoşnud olacaq, o da bizə əcr verəcək, bizi behiştə aparacaq və əgər onun sitayişinə iqdam etməsək və əgər ona şərik qərar versək, bizə acığı tutacaq, bizdən zəhləsi gedəcək, zurna çaldıracaq, qiyamət bərpa edəcək, həşr qayıracaq, qapan-tərəzi qurduracaq, bizdən hesab çəkəcək, püli-sirat asacaq, bizi rismanbazlığa məcbur edəcək, cəhənnəmə tökəcək və müxəlləd əzabda saxlayacaq, bizdən intiqam çəkəcək, dincələcək. Sonra?... Necə sonra?.. Sonra bilmirik nə olacaq. Elə buratan bilirik. Pəs niyə buratan bilirsiniz? Bundan sonranı bilmirsiniz? Pəs bu mə’rəkənin axırı hara müncər olacaq? Nə bilək hara müncər olacaq, axırı elə bu idi. Pəs o mucid əgər səndən qeyrdir, gərək hər maddədə səndən qeyr olsun, vəqta ki, sən onu vücudda özündən səva bilirsən, öz vücudun müqtəziyyatında niyə onu özünə müsavi edirsən? Vəqta ki, sən onun zatını öz zatından cüda fərz edirsən, öz sifatın isnadını necə ona verə bilərsən? Hansı dəlili-əqlidən bu xüsusda sənə yəqin hasil olur? Çünki mucid səndən qeyrdir, sən onu hərgiz dərk edə bilməzsən. Pəs sənin yolun yoxdur ki, özündə olan əğrazın və xəsaisin nisbətini ona verə biləsən və hərgiz sənin haqqın yoxdur deyəsən ki: o mucid filan və filan sifat ilə mövsufdur; çünki sən ancaq o sifatları bilirsən ki, öz vücudunda oları görürsən. Bu surətdə deyə bilməzsən ki, o mucid ərəbdən, ya ibranidən, ya siryanidən, ya türkdən, ya firəngdən birisini bərgüzidə edibdir ki, bu bərgüzidə hər necə çalsa, sən elə oynayasan. Ondan ötrü ki, bu növ xahiş sənin öz vücudundandır. Bu növ xahişi sən nə dəlil ilə mucidə isnad və isbat edə bilərsən? Əgər vaqe’də mücidin zatı, mövcudun zatından qeyrdir və əgər vaqe’də bu əqidə səhihdir, genə sənin haqqın yoxdur ki, o mucidi özünə tabe edib, hər nə buyursan, o fərmanbərdar olsun. Məsələn, xahiş edəsən ki, qəməri şəqq etsin, edə və xahiş edəsən bilaqanun ölünü diri etsin, edə və xahiş edəsən ki, mənə min il ömr versin, verə və əgər sən xahiş etməmiş, mucid öz meyli ilə səni bərdaşt edə və bu növ xariqi-adət işləri səndən büruzə gətirə, bunun faydası o mucidə nədir? Əgər deyəsən faydası var, pəs o mucid də faydatələb oldu və sahibi-qərəz oldu. Bu sifat genə sənin öz sifatındır. Bu əqideyi-salisədə sənin heç əlacın yoxdur, bəqeyr-əzin ki, təhəyyür və sükut aləmində durub deyəsən ki, bilmirəm. Və cəfəngiyat baftə etməyə iqdam eləməyəsən və cəfəng iddalar etməyəsən və əgər deyəsən ki, mucidə qərəz isnadını verməyin nə münafatı var. Vəqta ki, mucidi caili-muxtar bildin, aləmin xilqəti aşkara onun qərəzinə dəlalət etməzmi? Deyərəm ki: mucid sahibi-qərəzdir və sahibiiradədir. Bunun nə eyibi var? Bu surətdə ədaləti gərək muciddən cəlb edək. Aya, mucidin ədalətinə şayistədirmi ki, Əmri peyğəmbər etsin, məni ona ümmət və Zeydi imam etsin, məni ona bəndeyi-zəlil və Əmrin və Zeydin xilqətindən əqdəm nə fəziləti var idi ki, mənə mürəcceh olalar? Aya, mucidin ədalətinə layiqdirmi gündə beş-on yol ərinməz-ərinməz Cəbrailini onun-bunun yanına çapdırsın, mənim yanıma heç bir yol da göndərməsin və imamı ananın pəhlusundan doğuzdursun, məni fərcindən – bu kəsif və murdar mənfəzdən və birisini qoyun yaratsın, birisini qurd, birisini qırqovul yaratsın, birisini iti cəngallı qızılquş? [Ondan böyüklük və cəlalı atmalıyıq. Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil olsun”. Pəh-pəh... Allahımıza bax, “Əbi-Ləhəbin əlləri şil olsun”, bax gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki onun əql və huşu var, anlayır ki, qardaşı oğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri korlamaq və Asiya tayfalarını cəhalət və bədbəxtlik dəryasına qərq etmək istəyir. Az-çox bir düşüncəsi olan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi? Əgər həqiqətdə biz tək bir xəlqedənin və misilsiz bir yaradıcının varlığına qail olsaq, o xəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir. Bu surə Məkkədə nazil olmuşdur. Peyğəmbərimiz Məkkədə olduğu vaxt hələ köməkçisi, tərəfdarı və gücü yox idi. O zaman bizim Allah yalnız onun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra, başına bir çox tərəfdar və köməkçilər yığışdıqdan sonra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi olduqdan sonra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qoydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Xəndək davasından sonra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər onların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib oldu, onların arvad-uşaqlarını əsir etdi. Kişilərin boyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Onu necə alçaq əxlaq və qərəz sahibi kimi tanımayaq? Və ona necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr onun məxluqu deyilmi? Xülasə...]. Ey Cəlalüddövlə, gün kimi görürəm, deyirsən ki: hikmətdən sual yoxdur. Bunun mə’nası bu deyilmi ki, iradatın cavabını bilmirsən? Çünki bunu bilmirsən, yaxşı deyilmi, hamısının ədəmi-elminə iqrar edəsən və mahal iddialardan əl çəkəsən və mucidin qanuni-xilqətinə dəxl və təsərrüf etməyəsən və səfihanə və pis e’tiqad ilə deməyəsən ki, mucidə lazımdır bir peyğəmbər göndərsin, məxluqunu hidayətə dəlalət etdirsin? Xeyr, mucidə heç peyğəmbər göndərmək lazım deyil, sən bilmirsən hidayət və zəlalət, haqpərəstlik və bütpərəstlik onun üçün ələssəviyyədir. Müruri-dühur ilə Yengi Dünya suyun o tayında qalmışdı və kürur-kürur xalqı, sənin kimi bəşər növindən meşələrdə vəhşi heyvanlar kimi çıl və çılpaq gəzirdi; heç mucidin gərəyinə deyil idi ki, bunlara bir peyğəmbər göndərsin, axır ki, bu yaxın zamanlarda Xristofor Kolumb getdi, Yengi Dünyanı tapdı və təsərrüf etdi, indi Yengi Dünyanın xalqı ülumda və sənayedə köhnə dünyanın xalqına təfəvvüq yetiriblər. Əgər sən, ey Cəlalüddövlə, aqil olsan, deyərsən ki, mucid, Əmr və Zeydin xahişi ilə qanuni-xilqətinə təğyir verməz. Göz xalq edir, nütfə rəhmdə mün’əqid olan zamanda, qanuni-xilqət budur; vəqta ki, tifl doğuldu, böyük oldu, onun gözünü hədəqəsindən çıxardılar, mucid Əmr və Zeydin xahişi ilə haman çıxmış gözü hədəqəsinə nəsb edib, əvvəlki göz halətinə salmaz. Çünki qanuni-xilqətə müxalifdir. Haman göz pozuldu, gərək özgə qanunun şərtinin təhtinə daxil olsun, çürümək qanununun və şərtinin təhtinə və sonra torpaq olsun və bir ayrı növ’ə istihalə tapsın və əgər mucid Əmr və Zeydin xahişi ilə bir belə qanuni-xilqətə müxalif əmələ iqdim etsə, onun əzəmət və cəlalına rəxnə yetişər və cəmi qəvanini-xilqətinə təzəlzül çatar və habelə əgər bir şəxsin başı kəsilə, haman kəsik başı mucid Əmr və Zeydin xahişi ilə bədənə müttəsil edib, məqtul olan şəxsi təzədən diri etməz. Pəs bu surətdə Tehran ruznaməsində yazma və özünü təbl və nəqqarə ilə külli-miləli-cahan içində rüsvay etmə ki, Hindistanda bir bütpərəst arvadın məqtul ərini imam beiznillah diri etdi; çünki imamı fəryadına çağırmışdı və şiə məzhəbini qəbul etmişdi və demə ki, mucid Əmrin xahişi ilə onu məsafəti-həvadan fövqi-əflakə süud etdirdi. Ondan ötrü ki, ərzin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi Əmri həva məsafətindən fövqi-məqamə çıxmağa qoymaz və Əmr, həva məsafəsindən fövqi-məqamda tənəffüs edə bilməz; zira ki, xilafi-qanuni-xilqətdir. Əgər mucid öz qüdrəti ilə bir növ xilafi-qanunu rəva görsə, gərək ərzin qüvveyi-miqnatisiyyəsini, ya qüvveyi-cazibəsini səlb etsin və Əmrə həvadan fövq məqamda tənəffüs etməyə qüdrət versin. Bu surətdə aləm fənaya gedər, qanuni-xilqət bilmərrə pozular, nə bilim ki, nə olar. Pəs demə ki, filan Əmr, filan xariqi-adəti və filan mö’cüzü, yə’ni filan qanuni-xilqətə müxalif əməli mücra etdi; zira ki, mahaldır və əgər indi bir Əmr bu əmrin imkanını peyğəmbərlik, ya imamlıq ismi ilə iddia etsə, bavər etmə. Əvamfəriblik və şarlatanlıq pəstahısıdır. *Bəqeyr-əz-peyğəmbərani-ülüləzm və sahib-kitab rüsül və sahib-qanun rüsül, bizim peyğəmbər kimi və sair peyğəmbərlər kimi ki, əsrin təqazasına görə avamın sükutu və təxvifi və tətmii üçün naçar behişt və cəhənnəm xəyal edib və’də eləyiblər və mö’cüzatı mümkünatdan göstəriblər ki, bunun zimnində xalqın hüsni-halı üçün bir parə qəvanin qoymağa vəsiləyab olsunlar. İndi əsrin elə təqazası yoxdur. İndi peyğəmbərlərin vücudu lazım deyil. İndi elm lazımdır və sivilizasyon lazımdır və yəqin bil ki, puç e’- tiqadat üstündə bağlanan məzhəb e’tibarlı bir şey deyil. Ərəblərin qələbəsindən sonra İranda məzahibi-müxtəlifə peyda olubdur. İran əhli vaxt bir məzhəbə düşüblər. Aya, olar deyil idi ki, müddəti-mədid məna-birdə həzrət Əliyə səbb edərdilər? Aya, olar deyil idi ki, bir müddət hənəfi məzhəb, bir müddət şafei məzhəb, bir müddət ismaili məzhəb oldular? Aya, olar deyil idi ki, şeyx Əhməd Bəhreyninin rəhnumalığı ilə əliallahı məzhəbinə qərib və şirkə şəbih bir məzhəb tutdular? Aya, olar deyil idi ki, bu yaxın zamanda belə axnaşdılar ki, az qaldı küllən babi və tənasüxi məzhəb olalar və əql və hikmət üzrə bina tutmayan əqidənin nə e’tibarı var və onun səbatına nə e’timad bağlamaq olur? Dini-islamın davamı o surətdə mümkündür ki, şüur ilə və mə’rifət ilə dinin künhünü anlayıb, sonra millət sair miləldən imtiyaz tapmaq üçün müsəlmanlıqda baqi qalasan və onun ə’mali-xəfiyyəsinə və rüsumi-zahiriyyəsinə və onun həqqünnas xüsusunda olan əhkamına bəqeyrəz qətli-nüfus və qət’i-ə’za və bəqeyrəz bə’zi təzyid və təğyir ki, o əhkamda lazımdır, tabe olub bilkülliyyə təkalifi-şaqqəsindən ki, hüququllah adlanır, özünü azad edəsən. Necə ki, İngilis və Yengi + Dünya və sair bir para Firəngistan təvaifi protestantdırlar. Yə’ni zahirən məsihi məzhəbdirlər, batinən əqlə tabedirlər və necə ki, Həsən ibn-Məhəmməd Büzürg Ümmid İsmaili ki, Əla-Zikrihissəlam ləqəbi + ilə məşhurdur – vəqta ki, məbadiyi-rüşdə yetişdi, həvəsi-təəllümiülum və əqavili-hükəma edib məsaili-əqli və nəqlidə bir alimi-mütəbəhhir və fazili-səraməd oldu və öz mə’lumatını qələmə gətirib təvabelərinə xatirnişan elədi. [Və İslamda protestantizm məzhəbini icad etdi]. Çün atası Məhəmməd Büzürg Ümmid bəğayət ami və bielm idi, oğlunun e’tiqadatından vəhşət edib xalqı cəm elədi və oğlunun əqaidinə inkar elədi. *Əla-Zikrihissəlamın atasının oğlundan incimək səbəbini belə rəvayət edirlər: Nəcməddin Rudbari İsmailiyyə üləmasından bir fazilimümtaz və Ələmövtdə sakin olub tədrisə məşğul idi. Bir gün Əla- Zikrihissəlam ittifaq yolundan onun dərs məclisinə gəlib gördü ki, bu ayəni təfsir edir: Təfsirin itmamından sonra Nəcməddin öz şagirdlərinə rücu edib dedi ki: bu güzariş dəlalət edir bizim peyğəmbərlərimizin kəmal təqərrübünə bari-təalanın hüzurunda və bizə bu səadəti-üzmanın şükrü ki, onun ümmətindən məhsubuq vacibdir. Əla-Zikrihissəlam o məclisdə heç bir söz danışmadı. Sabahı gün bu təfsili bir vərəqəyə yazıb Nəcməddinin yanına göndərdi. “Mövlana! Dünən mən sizin dərs məclisinizdə hazır olub, o ayeyi-kərimənin təfsirini ki, edirdiniz, əvvəlindən axırınadək sima’ etdim. Bir para şübhələr ki, haman ayənin təfsirindən mənə hasil olubdur və bir gunə dəğdəğə ki, bu keyfiyyətdən xatirimə gəlibdir, sizə yazıb mə’lum edirəm. Mənim xəyalımda Allahın cəlal və cəbərutundan çox uzaq görünür ki, öz Cəbrailini peyğəmbərinin yanına göndərə və tə’kid edə ki, o, hökmən Zeydin övrətini alsın, məhz dəf’i-şəhvəti-nəfsaniyyədən ötrü. Bavücudi ki, biçarə peyğəmbər bir para mülahizata görə onu almaqda səlah görmürdü. Necə ki, bu günədək bu güzarişin tə’nəsindən azad olmayıbdır və özü Zeydə deyirdi ki: Məgər peyğəmbərin iyirmi iki nəfər övrəti və cariyəsi ona kifayət etmirdi və lazım idi ki, Zeydin övrətindən dəxi təməttö’ tapsın? Məgər Allahlıqda başqa işlər yox idi və laməhalə bu gunə ləğviyyata dəxi mültəfit olmaq lazım idi? Bərfərz ki, Zeyd qorxudan ya iradətdən və ya mal təməindən öz övrətinə təlaq verib onu almağını həzrəti-rəsula təklif etdi. Haradan mə’lumdur ki, övrəti Zeynəb peyğəmbərin zevciyyətinə razı idi? Təlaqda övrətin rizası şərt deyil, axir nikahda mənkuhənin rizası şərtdir. Sizin Allahınınz haçan və kimin təvəssütü ilə Zeynəbdən istirza hasil etdi ki, onu göydə peyğəmbərə təzvic edir? Bəlkə Zeynəb ki, cavan övrət idi, razı deyil idi ki, qoca kişiyə və iyirmi iki nəfər övrət və cariyə sahibinə mənkuhə olsun? [“Siyərünnəbi”də aşkar yazılıbdır ki, Zeynəb Zeyddən boşandıqdan sonra həzrəti-rəsula getməyə əvvəl heç vəch ilə razılıq vermirdi. Sonra elə ki, ayəsi nazil oldu, təslim oldu. Mə’lumdur ki, Zeynəbin təslim olmaqdan başqa çarəsi yox idi]. Biz görürük ki, rütbeyi-nübüvvət rəşk və həsədi övrətlərin təbiətindən rəf edə bilmir. Hər gün Ayişə və peyğəmbərin sair övrətləri bir-birinə rəşk və həsəd etmək səbəbi ilə nə mərarətlər həzrəti-rəsula yetirirdilər; hətta olar bir dəfə peyğəmbərin azarında elə ifrat etdilər ki, həzrəti-rəsul bir ay sərasər onların hamısını tərk edib, olarla mülaqat etmədi, yə’ni Mariyeyi-Qibtiyyənin nağılında ki, peyğəmbər Ömərin qızı Həfəsənin şiddəti-qeyzini sındırmaq üçün naçar bu cariyəni özünə haram eləmişdi. Sonra genə Cəbrail ayağı araya gəldi: ayəsini gətirdi və Mariyəni genə peyğəmbərə halal etdi. Xülasə, həzrəti-rəsulun övrətləri müttəsil ifsad edirdilər və nalayiq hərəkətləri ilə peyğəmbərin xatirini sındırırdılar. Məsələn: Ayişə gərdənbəndini itirmək kimi və bu bəhanə ilə bir gecə bir cavan ərəb ilə, Səfvan adlı, səhrada qalmaq kimi və bu misilli zadlar kimi və sizin Allahınızı məcbur edirdilər ki, onların ifsadının islahı üçün mükərrər Cəbrailini Mədinəyə mə’mur etsin və ayat göndərsin. Biçarə Cəbrailin qol-qanadı bu səlitələrin naməqbul hərəkətləri səbəbi ilə nüzul və ürucun kəsrətindən sınıb tökülmüşdü. Zəriflər doğru demişlər: hər kim peyğəmbər olsa, övrəti laməhalə gərək səlitə, ya asiyə olsun. Necə ki, Adəmin və Nuhun və Lutun və İbrahimin və Musanın övrətləri idilər. Zeynəb bu macəranın hamısını görürdü və eşidirdi. Bişübhə təbiəti-bəşəriyyətin müqtəzasınca rizası yox idi ki, cavan ərdən uzaq olub qoca kişiyə mənkuhə olsun və özünü peyğəmbərin övrətlərinin o gunə acı zindənganlıqlarına mübtəla etsin. Amma sizin Allahınız onun rizasına əsla müqəyyəd olmayıb, göydə onu həzrəti-rəsula təzvic edir və Cəbrailini göndərib peyğəmbəri bu təzvicdən xəbərdar eləyir. Bəli, bir surətdə ki, biz o qədər kövdənik ki, hər gunə ləğviyyatı əqlin mizanında çəkməmiş mühəssənatdan sanırıq və təfəkkürsüz olara e’tiqad edirik, sizin Allahınızın həqqi var ki, hər nə könlü istəsə desin və etsin. Mövlana! Məgər hələ vaxt olmuyubdur ki, qəflət yuxusundan oyanıb biləsiniz ki, əgər kainatda bir Allah var isə, bişək bu Allah deyil ki, bir nəfər Məhəmməd adlı ərəb üçün oğraşlıq mənsəbini qəbul edib ona buyura ki, xalqdan qorxma, al Zeydin övrətini və tap ondan təməttö’ mən dalında durmuşam, hər kəsin öhdəsindən gələrəm və hər kəsin cavabını verərəm. Bu növ əqidə bütpərəstlikdən bədtərdir. Kainatın mucidi bu gunə isnadlardan mübərradır və bu gunə isnadları ona vermək küfriməhzdir. O Allah ki, siz deyirsiniz, sizin xəyalınızın məsnui və məznuni Allahdır: məzmunu bu eybi örtmək üçün nə böyük dəlildir. Əgər mö’minan öz oğulxandələrinin övrətlərini almasalar, nə fəsad mütəsəvvirdir? Bəlkə layiq budur ki, almasınlar. Məgər onlardan ötrü başqa övrətlər tapılmayacaqdır? Kimdir ki, öz oğulxandəsinin övrətini almağa möhtac olsun? Əgər vaqe’də mənzur bu idi ki, mö’minlər oğulxandələrinin övrətlərini boşanandan sonra ala bilsinlər, bir ayə nazil olurdu, bu icazəni ifadə edirdi. Dəxi nə lazım olmuşdu ki, peyğəmbər bu keyfiyyəti əməli ilə dəxi zühura gətirsin və özünü məlamət oxuna nişanə etsin? Şək yoxdur ki, peyğəmbər şəhvət rəf olandan sonra peşiman dəxi olubdur; çünki bu vaqiədən sonra hər tərəfdən xalq onun tə’nəsinə dil açdılar və müridlərin çoxunun e’tiqadına onun nübüvvəti sidqində şübhə düşdü və münafiqlər onun inkarında cür’ətli oldular və onu: ayəsini nazil etməyə məcbur elədilər. Sizin Allahınız ona tə’nə edir ki, niyə xalqdan qorxursan? O, məgər xalqdan qorxurdu? Xalq ki, onu bu əməl səbəbinə öldürmək istəmirdi. O, rüsvalıqdan qorxurdu ki, vaqe’ oldu. Sizin Allahınız gərək idi onu rüsvalıqdan saxlayaydı. Amma bacarmadı. Münafiqlər hər nə deməli idilər, dedilər və rüsvalıq bu günədək dillərdə və tarixlərdə baqi qalıbdır hasil nə oldu? Əcəbraq budur ki, ayati-məzkurə sizin Allahınızı bir tövr xəyalda mücəssəm edir ki, guya peyğəmbərin övrətlərə müqaribət etməyindən onun üçün bir həzz və ləzzət hasildir. Məsələn: Ayişənin ifk nağılında peyğəmbər onu atasının evinə göndərir və onun mülaqatından özünü kənar tutur; sizin Allahınız diltəng olur: on iki ayə peydərpey Ayişənin paklığına nazil edir ki, peyğəmbər genə onu evinə gətirsin və ona yavıqlıq etsin və ifk deyənlərə əzab və’də edir. Bu biçarələrin nə təqsiri var idi ki, bir cavan övrət bir gecə bir cavan oğlanla səhrada qala, əlbəttə hər kəs bəd gümana düşər. Olar ki, alimül-qeyb deyil idilər! Yalqız sizin Allahınız bu gümanı etmir. Guya öz Cəbrail və + Mikailini Ayişəyə və Səfvanə gözətçi qoymuşdu ki, bir-birlərinə yavıqlıq etməsinlər? Nadürüstlük Ayişənin özündədir, nə üçün qəzayihacətdən ötrü o qədər ləşkərgahdan uzaq gedirdi ki, heç kəs ondan xəbərdar olmasın, nə üçün gərdənbəndini axtarmağa yalqız qayıdırdı və heç kəsə demirdi ki, onun kəcavəsini qayıdanadək əyləsinlər? Bavücudi ki, nidayi-rəhil verilmişdi və ləşkər köçmək halında idi. Bundan əlavə, Ayişə yalan deyir ki, onun boyunbağı boynundan açılıb düşmüşdü və o bilməmişdi, sonra onu axtarmağa qayıtmışdı. Heç aləmdə bir övrət tapılar ki, onun bir yekə gərdənbəndi oyaqlıq və huşyarlıq halında boynundan açılıb gözünün bərabərinə düşə və o ehsas eləməyə? Əgər üzük və güşvarə olsaydı, genə bir ehtimal gedərdi. Bu bəhanəni Ayişə güzariş vaqe olandan sonra xəyal edibdir və bir də nə üçün Səfvan yalqız ləşkərin əqəbində qalmışdı ki, onun üstünə çatır və onu dəvəsinə mindirir. Nə məsləhət üçün Səfvan yalqız ləşkərin saqəsinə mə’mur idi. Bu qərainlərin hamısı aşkara bir qərəzə dəlalət edir. Adam necə bu keyfiyyatdan şübhəyə düşməsin? Və əgər bu vaqiədə müqtəzayibəşəriyyət ilə bir əməli-naməşru’ Ayişədən baş veribdir, haqqı var, təqsir onun atasındadır ki, cavan qızını qoca kişiyə və bir ilxı övrət sahibinə vermişdi ki, hər ayda bir dəfədən ziyadə Ayişəyə söhbət növbəti yetişməzdi və bu tərəfdən Ərəbistanın ab-havası dəxi o iqlimin zükur və ünasında şiddətlə həvəsi-cimaa mühəyyicdir. [Ayişənin bu nalayiq hərəkətindən meydana gələn vəziyyət ona səbəb oldu ki, peyğəmbər ona olan hədsiz məhəbbəti və rəqiblər qarşısında qısqanclığı şiddətindən hicab ayəsini nazil etdi: “Mö’minlərə söylə ki, gözlərini haram şeylərdən çevirsinlər və tənasül alətlərini saxlasınlar; bu onlar üçün ən yaxşı şeydir; Allah onların gördükləri işdən xəbərdardır. Və mö’min qadınlara söylə ki, gözlərini haram şeylərə baxmaqdan çevirsinlər və fərclərini saxlasınlar; görünməsi cayiz olan bəzəklərdən başqa, daxili bəzəklərini özgə kişilərə göstərməsinlər. Və geydikləri köynəklərin yaxaları yaxa və sinələrini örtsün. Və öz bəzəklərini ancaq ərlərinə, atalarına, qaynatalarına, oğlanlarına, qardaşlarına, ögey oğlanlarına, qardaşı oğlanlarına, bacısı oğlanlarına və sayılanların arvadlarına, öz kəniz və qullarına və öz evlərində qulluq edən qoca kişilərə, kişilikdən məhrum olan şəxslərə və həddi-buluğa çatmamış uşaqlara göstərə bilərlər. Yol gedəndə ayaq bəzəklərinin səsini özgəsinə eşitdirməmək üçün ayaqlarını yerə bərk vurmasınlar. Ey mö’minlər, hamınız Allahın qabağında tövbə edin! Bu tövbə ilə nəcat tapmağa ümid bəsləyə bilərsiniz!”. Və bəşər növünün yarısını təşkil edən qadın tayfasını əsrlər uzunu daimi həbsə saldı. Yalnız Ayişə Səfvan ilə eşqbazlıq etmirdi. Peyğəmbərin başqa azyaşlı arvadları da, onun qocalığına görə gənc səhabələrə naz satırdılar ki, o öldükdən sonra olarla evlənməyə həvəskar olsunlar. Buna görə də Təlhə dəfələrlə dilinə gətirərdi ki, bu qoca nə vaxt öləcəkdir ki, biz onun arvadlarını alaq, qucaqlayaq və onların xalxallarını öz qarşımızda səsləndirək?! Çün peyğəmbərin arvadları gənc səhabələrin qabağından keçərkən, könül ovlamaq məqsədi ilə daima ayaqlarını bir-birinə vurub, öz xalxallarını səsləndirərdilər, bu hərəkət də hicab ayəsindəki bu neçə söz ilə olara qədəğən olundu: “Yol gedəndə xalxallarının səsini özgəsinə eşitdirməmək üçün, ayaqlarını yerə bərk vurmasınlar”. Təlhənin ədəbsiz sözləri, peyğəmbərin qulağına çatınca öz ürəyində dedi: “Köpək oğlu, mən bir tədbir edim ki, sən qətiyyən öz çirkin arzına çatmayasan”. Əvvəlcə, sizin Allahdan bu ayənin nazil olmasını tələb etdi: “Peyğəmbər mö’minlərə öz nəfslərindən irəlidir və onun qadınları mö’minlərin analarıdırlar”. Öz arvadlarını mö’minlərə ana olaraq qələmə verməkdən məqsədi budur ki, vəfatından sonra olar bu anaları ilə evlənmək istəməsinlər. Sonra ərəblər, bu arvadların olara məcazi ana olduğunu anladan bu söz ilə olarla evlənməyin haram olduğunu anlamayacaqlarını gördü, sizin Allahınızdan o öləndən sonra arvadları ilə evlənməyi mö’minlərə aydıncasına haram edən başqa ayənin nazil olmasını xahiş etdi. Hər xüsusda onun əmr və nəhyinə sözsüz və e’tirazsız tabe olan Allahınız bu başqa ayəni nazil etdi: “Allahın peyğəmbərini incitməyə haqqınız olmadığı kimi, özündən sonra da arvadlarını almağa qətiyyən ixtiyarınız yoxdur, bu iki şey Allahın yanında böyük bir günahdır”. Bu ayə nazil olandan sonra Təlhə və başqa səhabələrin təmə’ dişləri peyğəmbərdən sonra onun arvadlarının visalından kəsildi. İş burasında idi ki, peyğəmbər qoca olduğundan azyaşlı arvadları ondan nifrət edirdilər; necə ki, fiqh kitablarında Müstəizə ləqəbi ilə məşhur olan Əsma binti-Ne’man öz razılığı ilə deyil, qohumlarının arzusu ilə peyğəmbərə nikahlandı və peyğəmbər, zifaf gecəsi onun yataqxanasına qədəm qoyub ona yaxınlıq etmək istədi, qız peyğəmbəri görməkdən o qədər qorxub hürkdü ki, bağırdı: “Səndən Allaha pənah aparıram, ey qoca! Məndən nə istəyirsən? Nə üçün mənim razılığım olmadan məni istədin? Məndən əl çək və məni azad et ki, məndə səni görməyə taqət yoxdur. Və qətiyyən sənə təslim olmayacağam”. Peyğəmbər məcburən onun vüsalından ümidini kəsdi: “Ey pozğun, öz camaatına tərəf qayıt!” – dedi. Əsma o saat peyğəmbərin evindən çıxaraq atası evinə getdi və xəbər verdi ki, peyğəmbər özü məni qəbul etməyib, geri göndərdi. Sonra peyğəmbər təlağını verdi. Peyğəmbərin başqa arvadları Əsmanın xoşbəxtliyinə həsəd aparırdılar. Çünki olar da onun pəncəsindən qurtarmaq arzısında idilər. Ona görə ki, bunlar öz ixtiyarları ilə peyğəmbərə arvad olmamışdılar, olardan bə’ziləri cariyə idi, bə’zilərini də peyğəmbər yazıq kafirlərin əlindən, öz ərlərinin yanından qapıb özünə arvad etmişdi. Zeydin arvadını yanından qopardığı kimi, Zeyd də çarəsizlikdən arvadını ona təslim etmişdi. Çünki o bilirdi ki, arvadından əl çəkməsə, Davudun Evriyanın başına gətirdiyi işi peyğəmbər də onun başına gətirəcəkdir. Peyğəmbərin belə bir vəziyyətdə olan biçarə arvadları Ayişə kimi iffət dairəsində ayaqlarını əyri qoyub, həriflərin qarşısında işvə satıb, öz gələcək günləri üçün özlərinə aşna və sevgili axtarırdılarsa, heç də təəccüblü deyildir. Peyğəmbər çox vaxt kafirlərin mallarını çalıb-çapmaq üçün müharibələrə gedərdi və onları Mədinədə qoyardı. Kim bilir ki, peyğəmbər olmadıqda, olar toxunulmamış qalırdılar? Xüsusi ilə peyğəmbər ömrünün sonlarında cimadan o qədər aciz qalmışdı ki, Cəbrailə öz acizliyindən şikayət etmişdi. Bunu Nizamülmülkün müasiri olan İmami-Ğəzali “Əhyaül-ülum” adlı kitabında yazmışdır. Gələn bə’zi xəbərlərə görə rəsulullah demiş: “Mən Cəbrailə cimaa olan zəifliyimdən şikayət etdim, o mənə halva yeməyi göstərdi”. Onun cimadan belə aciz qalması nəticəsində, təbiətin tələbi üzrə azyaşlı arvadları gənclərlə görüşməyə talib olurdu. *Əgər peyğəmbər olardan xatircəm idi, fikri datınıq deyildisə, qadınların işini nə üçün bu dərəcədə bərk tutmuş və ən böyük insanlıq hüququ olan azadlığı olardan tamamilə almışdır ]... *Bir dəxi peyğəmbər Zeydin təklifini qəbul etmir və ona deyir ki, Sizin Allahınız xişmnak olub, hökmi-qət’i göndərir ki, o Zeydin övrətini alsın və şiddəti-tə’cil ilə göydə Zeydin övrətini mütəlləqə olandan sonra peyğəmbərə təzvic edir, hətta inqizayi-iddəsinə dəxi ələzzahir səbr etməyibdir. Bir dəxi Mariyeyi-Qibtiyyəni peyğəmbər özünə həram edir və bir ay onu görmür. Sizin Allahınız səbr edə bilmir, ayeyi-tə’nə peyğəmbərə göndərir. və buyurur ki, Mariyə ilə mülaqat və müqaribət etsin. Bu qəbil ayat peyğəmbərin zənpərəstliyi xüsusunda və sair bulara bənzər müzəxrəfat onun kitabında hesabsızdır və bu müzəxrəfatı biz gərək ölülərimizin qəbirlərinin üstündə dəxi oxuyaq, onların ərvahı şad və məsub olsun *. Zənpərəstliyi peyğəmbərə nisbət mən hərgiz əməli-məzmum saymıram, bəlkə onun ədəmi məzmumdur. Ondan ötrü ki, insanın afərinişi zənpərəstlik qanunu ilədir və onun nəslinin bəqası cüftün hübbünə mənutdur və əgər bir kəs bu cəzbənin xilafınca rəftar etsə ya naxoşdur və yainki əmdən qanuni-xilqətdən təxəllüf edibdir. Bu babda hədis: kəlami-binəzirdir. Amma söz bundadır ki, zənpərəstliyi dərəceyi-ifrata yetirmək və bunun-onun övrətinə təmə’ etmək və bu təməi-nalayiqi təzvir yolundan öz nəfsində gizləmək və sonra təmə’ olunmuş övrətin ələ gətirilməsini mucidi-kainatın fərmanına mərbut etmək peyğəmbərin tərəfindən əməli naşayistə və şə’ni-nübüvvətə münafidir. [Bununla bərabər o bir çılpaq yad arvadın tamaşasına böyük zövq ilə məşğul olaraq, onun vücudunun lətifliyini də açıqcasına “səni yaradan nə qədər pak və yüksəkdir” sözləri ilə tə’rif etməkdənsə, bundan sonra bu münasibətsiz hərəkəti bütün müsəlmanlar üçün, onların qadınlarına qarşı uləviyyəti haqqında e’tiqad qərar verməkdənsə, “mö’minlərə de haram şeylərə baxmasınlar” ayəsinin məzmununa əməl etməli idi. Bütün sünni və şiə fiqh alimlərinin hamısı peyğəmbərin xasiyyətləri haqqında yazır ki: “Əgər onun gözü bir arvada düşsə və ona rəğbət etsə, ona arvad olmaq üçün əri onu boşamalıdır”. Bunun nə mə’nası var? Biabırçılıq bu dərəcədə? Dost və düşməndən bir adam bu fitvanı oxusa, sizin Allah və peyğəmbərləriniz haqqında nə deyər?]. Başqa millətlərin Allahı məşğuldur böyük işlərə, amma sizin Allahınız mültəfitdir bu gunə ləğviyyata. Mövlana! Mənim təəccübüm ondan deyil ki, əvamünnas bu gunə ləğviyyata inanıb mucidi-kainatın hüzurunda peyğəmbərin şəhvətpərəstliyini onun təqərrübünə dəlil sanırlar və bu nüktəyə mültəfit deyillər ki, o şəhvət qeydinə giriftar olmasaydı, nə üçün biganə övrətə qüsl halında cəhrən deyirdi ki, afərin sənin hüsnü camalına və münəzzəhdir o Allah ki, səni bu lətafətdə yaradıbdır; mənim təəccübüm ondandır ki, sizin kimi bimisl fazil bu güzarişi mayeyi-iftixar sanıb, öz e’tiqadınız ilə onu səadəti-üzma güman edirsiniz və bu səadəti-mövhumənin şükrünü hər kəsə vacib bilirsiniz. Əgər həqiqətdə siz belə isnadı e’tiqad üzündən, nə riya yolundan, xaliqi-ərz və səmayə verirsiniz, mən sizinlə müvafiqət etmirəm. Və belə Allaha mö’təqid deyiləm və elə peyğəmbərlərə iman gətirmirəm. Təvəqqe edirəm ki, bu iradın cavabını hikmət və dəlaili-əqliyyə üzündən yazıb mənə göndərəsiniz və məni sakit edəsiniz. Və illa, biçarə avama və sadəlövh xalqa firib verməkdən əl çəkib, oları şərafəti- + bəşəriyyətdən məhrum etməyəsiniz”. Nəcməddin bu təfsil yetişəndən sonra çox mütəğəyyir oldu. Ayağa durdu, getdi Məhəmməd Büzürg Ümmidin yanına, icazəti-bar hasil edib Əla-Zikrihissəlamın əqideyi-fasidəsini bəyan elədi və şikayət etdi və dedi ki: “Bu bidin və mülhid oğlunun vücudi ilə – ki, onun vəliəhdidir, – tezliklə səltənət onun dudmanından çıxacaqdır”. Məhəmməd Büzürg Ümmid bir adam idi sadəlövh və şəriətə və məzhəbə canü dildən mö’təqid. Çox pərişanhal və mütəğiyyir olub, oğlunun əqidəsindən vəhşət etdi və xalqı cəm edib minbər üstünə çıxdı və əla-rüsul-əşhad oğlunun e’tiqadatına inkari-bəliğ elədi. Necə ki, zikr olundu *. Naçar Əla-Zikrihissəlam, atasının xofundan tərki-irşad edib təqiyyə üzündən başladı atasının rəvişinin isbatına risalələr yazmağa. Ta inki atası Məhəmməd Büzürg Ümmidin qəlbindən vəhşət rəf’ oldu və özünün vəliəhdlik mənsəbini Əla-Zikrihissəlama təfviz elədi. Elə ki, Məhəmməd Büzürg Ümmid fövt oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətə oturub, iddiayi-imamət edib beş yüz əlli doqquzda özünün əşraf və əyanını Ələmövt qalasında cəm edib buyurdu ki, onun eydgahında qiblə tərəfinə bir minbər nəsb etdilər və dörd böyük ələm – birisi qırmızı, birisi yaşıl, birisi sarı və birisi ağ, minbərin dörd tərəfinə qoydular. Rəməzanın on yeddisində minbərə çıxdı. Əvvəl bir xütbeyi-bəliğə oxudu, sonra xitab etdi: Ey camaat, mən imami-zəmanəm və sizin xeyr və şərrinizi və səadət və zəlalətinizi göstərməyə əqlişərif təqazasınca mükəlləfəm. Bilin və agah olun ki, aləm qədimdir və zaman namütənahidir. Yə’ni necə ki, məkanın bidayət və nihayəti yoxdur, zaman dəxi bi-ibtida və intihadır. Bə behişt və duzəx bir əmri-xəyali və mövhumidir və hər adamın qiyaməti onun mərgidir. Hər aqilə lazımdır ki, batində bəşəriyyətin və əqli-şərifin müqtəzasınca səlimünnəfs və nikukar olsun ki, bir belə şəxsə mərdi-rahi-həqq xitab olunur və zahirdə hər gunə rəviş ki, özünün maaşına və ümuri-dünyasına müfid görünür, o rəvişi özünə şüar etsin. İndi mən təkalifi-şər’iyyəni hüququllah xüsusunda küllən sizdən saqit etdim. Bundan belə azadsınız və əvamir və nəvahidən hüququllah xüsusunda bilmərrə fariqbalsınız. Elm təhsil edin, nikukar olun və niəmati-dünyəviyyədən beş gün həyatınızda bəhrə tapın. Sərvət və miknət hasil edin. Xəyaləti-fasidəyə və əqaidi-əbləhanəyə özünüzü salihə və fəzl və hünər ilə miləli-aləm içində bərgüzidə və mürəccəh olmağa sə’y və təlaş edin. [Və yenə buyurdu: Ey camaat, qadın tayfasını həbsdə və pərdədə saxlamağın, bəşəriyyətin yarısı haqqında böyük zülm olmaqdan başqa, kişi tayfası üçün də saysız-hesabsız zərəri vardır. Bu gündən e’tibarən qadın tayfasını həbsdə və pərdədə saxlamayın və onları tərbiyəsiz qoymayın. Onların haqqında zülm və cəfanı layiq görməyin. Bir nəfərdən artıq arvad almayın. Necə ki, mənim birdən artıq arvadım yoxdur. Bundan sonra hər kəs öz kiçik qızını, öz oğlu kimi oxumaq və yazmaqla məşqul etməzsə və hər kəs böyük və kiçik, varlı və yoxsul, kim olur olsun, birdən artıq arvad alarsa, mənim cəzama və şiddətimə müstəhəqq olacaqdır]. Sonra minbərdən aşağı endi, iftar etdi. Xəlayiq hər il o günü eyd edib əsbabi-fərəh və sürurun tərtibinə mübaliğə etdilər. Şüərayi-İsmailiyyə Əla-Zikrihissəlamın mədhində qəsaidi-ğərra inşa elədilər. O cümlədən bu [beş] beytdir: [İranda protestantizm məzhəbi meydana çıxdığı günün sabahı Əla- Zikrihissəlam günortaya iki saat qalmış Dəyalimə padişahlarının nəslindən olan böyük xanımı Dürrətüttacın əlindən tutaraq, hərəmxanadan bayıra çıxdı və böyük xanım da öz həkim və açıq fikirli əri ilə Ələmövtün gəzinti yerlərini üzüaçıq gəzib hərəmxanaya qayıtdı. Hava xoş və müvafiq olan günlərdə Əla-Zikrihissəlam böyük xanımla bu cür gəzintini təkrar edirdi. Ələmövtün ə’yan və əşrafı, bütün əhalisi qadın tayfasının azadlığında onu təqlid etdi. Bunlar da öz üzüaçıq arvadları ilə gəzinti üçün çölə çıxırdılar və onun hökmü altında olan hər yerdə bu adət yayıldı. Rəvayət edildiyinə görə ətrafdakı müxtəlif müsəlman tayfalarından Əla-Zikrihissəlama dinsizlik və kafirlik isnad verirdilərsə də, lakin onlardan heç birinin ona fisqü fücur isnad verməyə və onu zalim və əziyyət verən saymağa haqqı yox idi, çünki Əla-Zikrihissəlam çox pak adam idi. Əsla şərab içməzdi, zina etməzdi və heç kəsin haqqında zülm və təcavüzü rəva görməzdi və qətiyyən insanları öldürməyə və adamlara əziyyət və əzab etməyə əmr verməzdi və işi daima xalqın rahatlıq və asayişinə sərf olunurdu. Məclisləri həkimlər, alimlər və fazil adamlardan ibarət olardı. Elmlərin rəvacına, adamların tərbiyəsinə mümkün qədər çalışardı. Bütün xalqa aydınlaşdırardı ki, elm və tərbiyə günahlardan təmiz və tərbiyə günahlardan təmiz olmaqla nəticələnir, nadanlıq və dindarlıq isə fisqü fücurun səbəbi, tamah və hərisliyi doğuran, zülm və təcavüz və təcavüz törədəndir. Bu kimi gözəl əxlaqın vasitəsi ilə özünü zamanın imamı və xalis adamlar dəstəsinin başçısı adlandırmağa haqqı var idi, necə də ki, adlandırdı...]. Afərin sənə ey Əla-Zikrihissəlam ki, tarixi-hicrinin müddətində bir sənin kimi ə’qəl və həkim və zifəzl və sahibi-himmət, sahibi-əzm padişah milləti-islam arasında peyda olmadı ki, bu millətin sivilizasyonuna bais olaydı və bu milləti həmaqətdən və cəhalətdən və bədbəxtlikdən azad edəydi. Əgər millət sənin mətalibini anlasaydı, indi təvaifi-ingilis və Yengi Dünya sənə xuşəçin hesab olurdular. Zira ki, [sən elə bir əsrdə protestantizmi icad etdin ki, olar hələ inkivizasyon divanlarının atəşgahlarında yandırılırdılar. Yə’ni] olar müddəti-mədid səndən sonra + sən icad edən protestantizmi anlayıb revolyusiya etdilər və protestantizmi ixtiyar elədilər. [Əla-Zikrihissəlamın həkimanə padişahlığından neçə il keçdi, Deyləm ölkəsinin bütün yerlərində protestantizm yayılaraq qəbul edildi. Onun təbəələri haqlarında olan yaxşı nəticələri gün-gündən hiss edirdilər]. Çifaidə nadan Səlcuqiyyələrin, ya Ali-Büveyhlərin təhriki ilə Əla-Zikrihissəlamı zövcəsinin qardaşı Həsən-Hamvər bir xəncər zərbəsi ilə məqtul etdi və milləti-islamın və bəxüsusihi milləti-İranın çı- + rağın keçirdi. Əla-Zikrihissəlamın vəfatından sonra oğlu Məhəmməd dəxi atasının rəvişində rəftar edib bəqədri-məqdur atasının əqaidi-həkimanəsinin rəvacında sə’yi-bəliğ edərdi və o dəxi fövt olandan sonra oğlu Cəlaləddin Həsən gördü ki, millətdə müvafiqət yoxdur və hər tərəfdən nadan düşmənlər çoxlandı, xüləfayi-Bəni-Abbas və səlatini-digər kimi və taifeyi-İsmailiyyəyə mülahidə və zənadiqə isnadını verdilər və hər yerdən onların ədavətinə iqdam etdilər, naçar və labüddən genə məzhəbi-qədimə övd edib tazadan özünü və Rudbar və Qəhistan xalqını cahi-zülmətə saldı. Heyf, Əla-Zikrihissəlamın təsnifatından ki, filhəqiqət yaqut və zümürrüdi-külli-literatur hesab olunurdu; heç bir yerdə müşahidə olunmayır. Əgər tapılsa, vaqeən qapılırlar. [Çarvaklar e’tiqad edirlər ki, mın əqidəsinə və məzhəbinə hər xüsusda mütabiqdir hindulərin Çarvak tayfasının əqidəsi və məzhəbi. Hərçənd ki, onlar dini əqidələrdən ++ hədsiz-hüdudsuz təxəyyülata qapılırlar]. Çarvaklar e’tiqad edirlər ki, sane və mucid yoxdur və ə’la və ədna olmaq aləmi-təbiətdəndir və sanein vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məzmuma və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və səvame’də ibadət xatiri üçün cəbhəsa olmaq və friştələrə ki, şühud fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək və nəqdi biəsl nisiyəyə dəyişmək və cahdust süfəhanın kazibanə əqvalı ilə ki, avamı firib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər; firiftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub, oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək hər şeyi ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-məvalid, ənasirdəndir. Təbiətin müqtəzasınca bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati-tərkibi-cəsəd və səlaməti-hey’ət baqidir hər zada ki, mərğubitəb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq. Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür və bədən kaxı təxrib tapandan sonra balatər vətənə və nazünəimə üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müaqib olmazlar və zahid olanlar rahət və ne’mətə çatmazlar; bəlkə vaqe’də bər’əksdir. Ondan ötrü ki, günahkar, orucun və nəmazın və taatın və ibadatın əzabından fariğ olubdur və zahid ibadatın məşəqqətinə – ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyatdan e’tiraz etməsin; zira ki, çün torpaqa getdin geri gəlmək yoxdur. *Əlhəq bu çarvakların əqidəsi pakizə və pəsəndidə məzahibin birisidir. Kaş, İran əhlinin çarvaklarca əqli olaydı, bu pəsəndidə məzhəbi ixtiyar edəydi. Necə ki, Əla-Zikrihissəlam göstərmişdi. Hüququllahın bifaidə olmağını Əbu-Əli-Sina dəxi işarə edibdir: Və filhəqiqə hüququllahdan bir mənfəət aid deyil, bəqeyrəz zərər. Məgər vüzu’ və qüsl və təharət və xütnə ki, qəvanini-tibbə görə fəvaidi-kəsirə bu ə’malın zimnində mündəricdir, hər iki şəbanəruzdə köynək-tumanı dəyişmək ilə məən. Amma sair ə’malın zərəri vazehdir: məsələn, gecə və gündüzdə beş vəqt nəmaz səni işdən və kəsbdən qoyur, oruc sənin canına zərər edir və həcc sənin həlakına bais olur. Əgər Ərəbistanın havasından sağ qalsan da belə, Ərəbistan ki, Əbdürrəhman Cami həccdən qayıdıb bu fərd ilə ondan əlhəzər edir: Əgər Ərəbistanın havasından sağ qalsan da, məbaliği-külli sərf edirsən və zimnində əsla bir faidə yoxdur. Bir para şəxslər iddia edirlər ki, həccin icmaından milləti-islam üçün mənafei-kəsirə hasildir. Zira ki, birisi Xətandan gəlir, birisi Hindistandan, birisi Afrikiyyədən gəlir, biri Firəngistandan və bir-biri ilə mülaqat edirlər və bir-birinin dərdindən müttəle’ olurlar. Soruşursan ki, bu mənafein bircəsini zikr edin; cavabdan aciz qalırlar. Doğrudur, külli-icmaın millətə az, ya çox mənfəəti olur. Əgər icma vətən içində və bir milləti-vahidənin mabeynində vaqe’ ola və əgər haman icmaa bir murad və bir mənzur sibqət edə və icma haman muradın xatiri üçün vüqua gələ. Məsələn, icmadan əqdəm vətəndə bir milləti-vahidənin mabeynində güftgu ola ki, bizim filan ehtiyacımız gərək rəf olsun; fərz edərik ki, qəryənin kətxudası ölübdür, gərək bir təzə kətxuda intixab edək ki, bizim həvaicimizin rəf’inə bais ola. Pəs taza kətxudanı intixab etmək bir müraddır və bir mənzurdur ki, icmaa sibqət edibdir. Bu surətdə icmaın mənfəəti var. Ondan ötrü ki, haman mürad icmadan hasil olur. Aya, həccin icmaına nə murad və nə mənzur millətin mənfəəti üçün sibqət edibdir? Birisi Xətadan gəlibdir. Aya, o gələndə mənzur etmişdi ki, Hindistandan gələnin dərdinə ondan bir fayda hasil olacaq? Birisi Xətadan gəlir, birisi Hindistandan, bir-birini görürlər, nə bu onu tanıyır, nə o bunu tanıyır; on gün bir yerdə hər gün görüşürlər, hər kəs öz ə’malının itmamına məşğuldur. On gündən sonra ayrılırlar; birisi ala dağa gedir, birisi qara dağa. Ona bənzər ki, bir qərib adam, bir əzim və biganə şəhərə varid ola, heç kəsi tanımaya, on gün gəzə, sonra vətəninə qayıda; ancaq nəql edə ki, getdim filan şəhərə, əzim cəmiyyət gördüm. Bunun zimnində onun vətəninə və milləti-vahidəsinə nə fayda hasildir? Aya, həccin icmaından min iki yüz həştad ilin müddətində islam millətinə aid olan mənfəət nədir? Amma xəsarəti-kəsirənin isbatına hər kəs cavab verməyə qadirdir. Məsələn, nə qədər pul istitaət sahibi əşxasdan xarici vətəndə sərf olur və nə qədər can yolda tələf olur və həcc mövsimində yüz mindən ziyadə qoyun zibh tapır və onların qanından və ətindən günün şiddəti-hərarətində hava təəffün bəhəm edir, əvvəl orada vəba peyda olur, sonra külli-aləmə yayılır, nə qədər can qırılır, nə qədər oğul və qız vətəndə atasız qalır və nə qədər arvad dul və əhli-Ərəbistan dəxi sədəqəyə göz dikmək ilə və ümidvar olmaq ilə kəsbi-məişətdə və tələbi-tərəqqidə biehtimam olub kəmali-biqeyrətliyə mö’tad olur və gümnam təvaifin cümləsində güzəran edir. *Filosofların birisinin qövlüdür ki, dünyada heç bir əməl xalqın sail-bəkəf və əmri-məişətdə biehtimam və biqeyrət olmağına ziyadə bais deyil, məgər sədəqə vermək, əgər müstəhəqqani-sədəqə bisahib yetimlər və biməynət korlar və şillər və dullar və qocalar olmasalar. [Dünyanın sonuna qədər onların bədbəxt olmasına başqa bir səbəb də odur ki, bizim peyğəmbər xarici millətlərin onların torpağına gəlibgetməsini qadağan etmişdir. Bütün aləm bilir ki, Yevropa əhli, sənaye elmlərində, fənlərdə və bütün hünərlərdə Yer üzündə olan tayfaların ən qabaqcılıdır. Lakin onların dinləri islam dinindən başqadır. Olar öldürülmək qorxusundan nə ticarət, nə də səyahət məqsədi ilə Məkkəyə, Mədinəyə və bu şəhərlərin yaxın yerlərinə ayaq basa bilmirlər. Bu surətdə, bu yerlərin əhli hansı tayfadan mə’rifət, elm və insaniyyət qazana bilər? Belə olduqda labüdd və naçar cəhalət və korluqda qalmalıdırlar. Hicrətdən bu günə qədər onların halında qətiyyən dəyişiklik üz vermədiyi kimi, daima zəlillik, fəqirlik, dilənçilik və yol kəsməklikdə yaşayırlar. Həcc mövsimində onların vətənlərinin torpağına məzhəbdaşlarından başqa kimsə ayaq basa bilməz. Bu məzhəbdaşları da anlamazlıqda, elmsizlikdə və hünərsizlikdə onların tayıdırlar. Firəngistan əhalisinin Məkkə və Mədinəyə gəlib-getmək icazəsi olsaydı, o vaxt onlar o yerlərə ticarət və səyahət məqsədi ilə gedərdilər. Ərəbləri dünyanın vəziyyəti və halından xəbərdar edərdilər. Nə fayda ki, peyğəmbərin gələcəyi düşünməməsi nəticəsində tayfa üçün o yerlərə gedib-gəlmək yolu bağlıdır. İslamiyyətdə protestantizm məzhəbi icad olunmayınca və bu dinin bə’zi münasibətsiz əhkamları rədd edilib tərk edilməyincə ərəblər labüdd və naçar dünyanın sonuna qədər cəhalət, korluq, zillət və alçaqlıqda qalacaqdırlar. Bütün islam ümmətinin bədbəxtliyinin başqa bir səbəbi də budur ki, bizim peyğəmbər islamda fiqh elminin binasını yalnız özünə isnad edir və özünü əvvəl və axırın ən ağıllısı, keçmişlərin və gələcəklərin ən fəzilətlisi sayaraq fiqh elmində dəyişiklik, təbəddülat və əlavəyə qətiyyən yol vermir. Hal-hazırda islam milləti arasında mövcud olan fiqh və fəraiz elmləri peyğəmbərin bö’sətindən qabaq bütün ərəblərin arasında, xüsusi ilə Yəməndə var idi. Və ərəblər bö’sətdən qabaq həmişə öz mürafiə və ixtilaf işlərini o fiqh elminə əsasən qət edərdilər. Və peyğəmbərin sağlığında Mədinədə mühacir və ənsarın içində fəqih səhabələr var idi. Peyğəmbər ərəblərin fiqhində yalnız təsərrüf və ictihad göstərmişdir. Öz mənfəəti üçün o elmdə bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir. Yoxsa özü fiqh elminin icad və ixtiraedicisi deyildir, bəlkə də o ərəblərin qədim fiqh elminin müctəhidi və + kəsb edənidir; necə ki, öz təzə və quru dinin, başqa qanun və əhkamlarını Tövrat və İncildən və məcusların əqidələrindən alaraq öz rə’- yinə görə olarda, bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir, yə’ni olarda ictihad və təsərrüf etmişdir. Fiqh elminin əmələ gəlməsi, cəmlənməsi əsrlər keçmədən və camaat arasında hədsiz və cürbəcür hadisələr törəmədən və onun tə’sis edilməsində bir çox ağılların iştirakı olmadan mümkün deyil, bu elm tək bir əsrin məhsulu və tək bir fərdin xəyalı nəticəsi ola bilməz. Bununla bərabər bu günə qədər dünya millətlərinin heç birində bu elm təkmil dərəcəsinə çatmamışdır. O, elmdə anbəan dəyişiklik, təbəddülat, yeniləşmə və əlavə zamanın halına zəruri olan tələblərdəndir. Belə olduqda bu elmdə dəyişiklik, yenilik və əlavə etmək yolunu bağlayan peyğəmbərin, öz millətini dünya işlərində hər cür tərəqqilərdən aciz və məhrum etdiyi aşkardır]. O üç vəchdən başqa ki, mən mucidi-kainat haqqında zikr etdim, aya, vəchi-rabe’ dəxi mütəsəvvirdirmi?. Bari, sənin vücudunda xəlq olunan alat və əsbab bundan ziyadə bilməyə qadir deyil, necə ki, Firdövsi buyurubdur: Səndə ancaq beş həvass var. Yəhtəmil ki, əqideyi-ula və saniyə surətində müruri-dühurda vücudi-küll, bir növi-digər ilə cilvə edə, yə’ni dərya bir növi-digər ilə təlatümə gələ və kainatda bir perevo- + roti -əzim peyda ola və sənin əvəzinə bir vücudi-axər zühur edə ki, beş həvassın yerinə on həvass sahibi ola; bəlkə o həvassi-əşərə sahibi-vücud səndən artıq bir zad bilə və o vücud anlaya ki, mücid nədir və ruh nədir? İndi sən həvassi-pəngcanə elə ruhun həqiqətini və mahiyyətini bilməyə qadir deyilsən. Necə ki, bilmirsən işıq nədir. Gün çıxanda filfövr bir işıq aləmə şaye olur. Çırağ yananda filfövr divara işıq düşür; aya, bu işıq nədir? Bilmirsən. Və necə ki, bilmirsən hərarət nədir və qüvveyi-miqnatisiyyə nədir və sair bu qəbil zadlar nədir. Ancaq bacarırsan biləsən ki, ruh bir keyfiyyətdir, əcsami-mürəkkəbeyi-zihəyatda ki, bə’dəz tərkibi-əcsam, müvafiqi-rəvanin və şüruti-xilqət peyda olur. Məsələn, bir cismi-tərkibdə – ki, mürəkkəbdir, ənva və əqsam alatdan və ə’zayi-sülbədən və əczayi-sayalədən, yəni əxlatdan – bu keyfiyyət zühur edir. Məsəl tutaq tiflin tərkibini bə’dəz təvəllüd. Bu tərkibi-cisminin itmamında ona bir keyfiyyət hasil olur ki, biz ona ++ ruhi-heyvani deyirik ki, onun zimnində həyat və onun külli-müqtəziyyatı müşahidə olunur. Madam ki, cism tərkibi baqidir, bu keyfiyyət, yə’ni ruh onda zahirdir. Vəqta ki, bu cism tərkibi paşidə və mütəlaşi oldu, yə’ni pozuldu, haman keyfiyyət ki, biz onun adına ruh demişik, zail və məhv olacaqdır. Bu dəxi haman vücudi-vahid və kamil və sahibi-qüdrətin qəvaninindən və müqtəziyyatından bir şeydir və əsrarından bir sirdir. Misalı budur ki, bir neçə əczayi-mə’dəniyyəni sən bir yerə cəm edirsən və müvafiqi-qanuni-elm oları bir-biri ilə məmzuc və mürəkkəb eləyirsən, ondan bir keyfiyyət hasil olur ki, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi deyirik. Vəqta ki, əczayi-mədəniyyəni biri-birindən ayırdın, yə’ni haman tərkibi ki, o əczalara vermişdin, bərhəm etdin, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi zail və məhv olur. Amma bu qüvveyi-teleqrafiyyənin və ruhi-teleqrafinin mahiyyəti nədir, bilmirsən! Bu dəxi vücudi-vahid və kamil və sahibi-qüdrətin əsrarından bir sirdir. [Pəs mə’lum oldu ki, ruh hər nə olsa öz-özünə qaim ola bilməz. Necə ki, əql və xəyal öz-özünə qaim deyildir. Və heç olmasa qab və qalıbları olmalıdır. Buna görə də ruhların bədənlərdən ayrıldıqdan sonra xüsusi yerlərdə təkrar qabsız, qalıbsız müəyyən vücud olması xüsusunda bizim alimlərin e’tiqadının təsəvvür və təəqqülü kritika qarşısında dura bilməz. Və necə ki, ruhlar üçün bədəndən ayrıldıqdan sonra misali və lətif qalıb xəyal etmək. Şeyx Əhməd-Bəhreyninin əqli və təbii dəlili olmadan düşündüyü mə’nasızdır]. + Bu mətləbi dürüst fəhm etmək üçün sənə elektriçestvanı və onun qanununu və müqtəziyyatını bilmək lazımdır. Çifaidə, sən və sənin millətin nə elektriçestvanı bilirsiniz və nə onun qanununu. Siz ancaq cəhənnəmi yaxşı vəsf edə bilirsiniz və cinni və şeytanı yaxşı tanıyırsınız. Çünki onların vücudu xəyali və mövhumidir və elektriçestva ki, bir əmri-zahirdir və gözünüzün qabağındadır və tamam aləm ondan xəbərdardır, siz onu bilməyə iqdam etməzsiniz. Ondan ötrü ki, nə məsrəfi var? Elektriçestva ki, sizi behiştə aparmayacaq, ya cəhənnəmdən qurtarmayacaq. Sizə lazım olan ancaq axirət əmridir ki, bəlkə bir tövr ilə özünüzü behiştə salıb bu qunut duasının müstəcab olmağını ki, dir, gözünüz ilə görəsiniz, arzunuza çatasınız və kami-dil hasil edəsiniz. Dəxi bəsdir, haçanatan bifaidə və bihudə xəyalatın dalısınca düşəcəksiniz Ey zalimlər, bari bu hədisin məzmunundan mütənəbbih olun: *Dəxi vaxtdır ki, beş həvassınızı dünya həyatında təəyyüş etməyə və dünya ümurunda fəzilət tapmağa sərf edəsiniz. Dünya həyatında sizə elm və elmdən sonra azadiyyət və azadiyyətdən sonra istitaət lazımdır ki, beş gün ömrünüzdə asudə təəyyüş edəsiniz və özünüzü Əmr və Zeydə, xah peyğəmbər ola, xah imam ola, xah despot ola – əbdi-rəzil bilməyəsiniz və sivilizasyon tapan millətlərin nəzərində 163 164 xar və zəlil və əhməq və nadan görünməyəsiniz və mö’cüzata və kəşfü-kəramata və xəvariqi-a’data inanmıyasınız. Ondan ötrü ki, mə’rifəti-mahiyyət və xasiyyəti-ənasir və cəmadat və nəbatat ki, Firəngistan istilahında ona elmi-fizika tə’bir olunur, yə’ni elmi-hikmət və mə’rifəti-mahiyyət və xasiyyəti-heyvanat ki, ona elmi-yestestva tə’bir olunur, yə’ni elmi-təbiiyyat bu əsrdə Firəngistan filosoflarının tətəbbüat və təhqiqatları mucibincə bir növ ilə təkmil bəhəm edibdir ki, mö’cüzatın və kəşfü-kəramatın və xəvariqi-a’datın ədəmi-imkanı, bu ülumun vasitəsi ilə bizim nəzərimizdə əzhərü-minəşşəms olubdur. Əgər bu əsrdə, bir kəs bilaşüur özünə mö’cüzə isnadını verə, biz onu divanə hesab edib, qüvveyi-əqliyyəsində vaqe’ olan xələl cəhətindən onun halətinə mütəəssif olacayıq və əgər şüur ilə özünə mö’cüzə isnadını verə, biz ondan bilaixtiyar nifrət edəcəyik; zira bir belə kəs ki, sahibi-şüurdur və özü bilir ki, mö’cüzat mümkünat qəbilindən deyil, amma sadəlövhləri dami-firibə salıb, onların arasında fərmanrəva olmaq üçün kizbi-məhz və təzviri-xalisi vəsilə edir; bizim nəzərimizdə aşkara kəzzab və müzəvvir görünür. Lakin əsri-qədimdə vəz’ialəm başqa idi; ülumi-məzkurənin tərəqqisi yox idi. Əxlaqi-həmidə sahibi filosoflar xalqın xeyrü şərrin göstərmək üçün bərahini-əqliyyə ilə olara isbati-müddəa edə bilmirdilər. Naçar xalqın təqazayi-təbiətlərinə görə özlərini peyğəmbərlik ismi ilə bərgüzideyi-sane göstərib özlərinə mö’cüzə isnadını veriblər və bu vasitə ilə xalqı özlərinin əmrü nəhyinə tabe edib müddəalarını olara bildiriblər *. Əgər biçarə xalq yalqız bu gunə sahibi-şüur və mə’rifət peyğəmbərlərə girəvidə olsaydılar, genə səhl idi. Olar bir para divanəvar müddəiyani-mö’cüzata dəxi girəvidə olub, haman məcnunsifətlərin bilaşüur xəyalatlarından naşi olan nəvidati-biəslə və təxvifati-bimə’niyə bavər edib özlərinə dünya həyatının niəmatını və ləzaizini həram öz özlərini mənzurati-batilə xatiri üçün ə’mali-şaqqəyə giriftar eləyiblər. Necə ki, bütpərəstlər və atəşpərəstlər belə halətdə müşahidə olunurlar. İndi proqresin vücudu ilə aya, aqil və pak-nihad kimsənə, heç fitva verərmi ki, bəni-növi-bəşər halət və cəhaləti-qədiməsində cəmad-asa bilahərəkət baqi qalsın və tərəqqi etməyə və zülmətdən nuraniyyətə çıxmağa əsla qədəm götürməsin *. Bəsdir, yoruldum, sabah rəməzanın bist-yekkümüdür, gedəcəyəm Molla Cabbar mərsiyəxanın mərsiyəsinə qulaq asmağa. Ondan eşitdiyim hekayatı da üçüncü məktubda yazacağam, göndərəcəyəm. Xahişim var ki, Təbrizdən Rəştə səfər edəm və oradan dəxi Mazəndərana – divlərin və pərilərin məkanına gedim, seyr eləyim. *Misirdə nə yaxşı durbinlər satırdılar! Heyf ki, fəramuş etdim. İndi durbinə ehtiyac yetirmişəm. Təbrizdə nə qədər axtardım yaxşısın tapa bilmədim. Qahiriyyədə Rza paşanın odasının dalısında bir firəng mağazini var, orada, osmanlı istilahınca, pək ə’la durbinlər satırlar. Əgər oraya güzarın düşsə, mənim üçün bir durbin al, göndər Rəştə Hacı Əbdüllah mirvarifuruşi-Bəğdadinin adına ki, o mənə yetirər. Xudahafiz *. Kəmalüddövlə * * * Kəmalüddövlənin üçüncü məktubu Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də Ey bəradəri-mehribanım Cəlalüddövlə, bu gün rüfəqa ilə məscidicameə gedib, Molla Cabbar mərsiyəxanın mərsiyə məclisində oturdum. Məscid mala-mal idi. Molla Cabbardan əvvəl bir başqası minbərə çıxdı. Həzrəti-Əli ibn-Əbutalibin vəfatın oxudu; sonra Molla Cabbar çıxdı. Əvvəl bir neçə əhadis əimmənin fəzilətindən və tə’ziyədarlığın səvabından nəql elədi, sonra mətləbə şüru etdi. Ey Cəlalüddövlə, hər millətin övliyasının başına az, ya çox bəla gəlibdir, amma şiə millətinin övliyasının müsibəti vaqeən ziyadədir. Bunun səbəbi budur ki, Ələvilərdən Bəni-Üməyyə xilafəti qəsb etdi; Ələvilər də tab gətirməyib tələbi-mafatdə ciddü-cəhdə düşdülər. Bəni-Üməyyələr və sonra Bəni-Abbasilər zorlu çıxdılar. Bu müddəiyi-xilafətləri aralıqdan götürdülər, beş gün bunlar sarıdan qulağı dinc səltənət etdilər. Sonra olara da başqa bəlalar üz verdi; olar da müsibətə düşüb aradan çıxdılar və nəsyən mənsiyyən oldular. Belədir bu dünyanın övzaı: Bəni-Üməyyənin silsiləsini, – necə ki, mə’lumdur, – Bəni-Abbas münqəriz etdi və Bəni-Abbasın silsiləsini də Çingizilər Yer üzündən yox elədi. Təvarixi-küllimiləl bu növ həvadisdən doludur. Amma Ələvilər səltənəti-suridən məhrum qaldıqları zaman, səltənəti-mənəviyyəyə təlaş etdilər və zöhd-təqvanı özlərinə şüar edib bu vəsilə ilə özlərinə batində şiələr və müridlər hasil elədilər və onların mədəkarlığı ilə beş gün ömürlərində ehtiyac məşəqqətindən kəmü biş azad oldular. Və həmişə şiələrinə və müridlərinə özlərinin fəzilətindən və Bəni-Üməyyənin və Bəni-Abbasın zəmmində sözlər deyirdilər və filhəqiqə haqları da var idi. Ta inki dövranların sürdülər, getdilər. Nə Bəni-Üməyyədən və Bəni-Abbasdan bir əsər qaldı, nə bulardan. Əvvəl binayi-tə’ziyədarlığı səlatini-Dəyalimə qoydular ki, şiəməzhəb idilər, sonra səlatini-Səfəviyyə ki, sadati-Ələviyyədən sayılırdılar, xüruc etdilər və öz politikalarının xətiri üçün tə’ziyədarlığa rəvac verdilər. İndi haman səbəb ki, Səfəviyyə onun xatiri üçün tə’ziyədarlığa rəvac vermişdilər, bilkülliyyə rəf’ olubdur. Amma İranda tə’ziyədarlıq, Səfəviyyə zamanından da ziyadə rəvac tapıbdır. Yalqız məhərrəmin əşəreyi-ulasında tə’ziyədarlığa məşğul olsalar, genə səhldir, hər yerə gedirsən, tə’ziyədir. Hər məsciddə həftədə laəqəl bir gün tə’ziyə məclisidir. Hətta nəql edirlər ki, Tehranda hər gün təkyələrin birisində tə’ziyə məclisi var. Əlhəq, bu ifrata yetişdi. Nə xəbərdir? Məgər insanın özünün az müsibəti və az dərdi var ki, min illik güzarişin nəqli ilə övqatını daima təlx etsin və bilafayda əməl səbəbi ilə işdən və kəsbdən müəttəl olsun və cüvəllağılar bu əmri özlərinə vəsileyi-ruzi edib, ənva və əqsam kizblər toxuyub, minbərlərdə biçarə avamı fəriftə etmək üçün zikr etsinlər? Mən ki, özüm də şiə-məzhəbəm, necə ki, sən də bilirsən, mənim ki, nəuzbillah əimmeyi-ətharə büğzüm yoxdur və mükərrər sən özün əimmənin əxlaqi-cəmilə və ətvari-həmidələri babında məndən mədhlər eşidibsən, amma mənim muradım budur ki: Bu tə’ziyədarlıqdan əsla nə sənə bir fayda var və nə imama. Vaxtını böyük işlərə sərf et. Gör xəlqi-aləm nə tərəqqiyat edirlər. Axır sən də bir hərəkət elə, bir proqressə ayaq qoy, bir sivilizasasyona talib ol. Nə çağatan qəflət yuxusunda yatacaqsan? Molla Cabbarın büka məclisin yazmıyacağam. Amma bükadan əqdəm, bir para cəfəngiyat ki, öz əqidəsincə oları hədis təsmiyə edirdi, zikr edəcəyəm, ətin tökülsün. Gör ki, İran xalqı nə mərtəbədə əqli-tüfuliyyətdə baqidirlər ki, bu növ cəfəngiyata qulaq asmaqdan mütənafir olmurlar. Baxırsan ki, bir tərəfdə birisi oturubdur, əynində mahut cübbə, belində tirmə şal, başında buxara papaq, saqqal uzun, hənalı və rəngli. Surətdə görürsən ki, adamdır; soruşursan ki, bu kimdir? Deyirlər ki, filan hacıdır; əbus və qəmgin müntəzirdir görsün ki, minbərdə səfih və şarlatan nə pərpuçat nəql edəcək. Bir tərəfdə görürsən ki, bir mütəşəxxis əyləşibdir, barmağında yaqut üzük, soruşursan ki, bu kimdir? Deyirlər: bu da filan ağadır. Yaxın durursan, söhbət başlayırsan, soruşursan ki: kütubi-farsiyyə və ərəbiyyədən nə oxuyubsan? Cavab verir ki: mən oxumamışam və həmd edirəm Allahıma ki, mənə oxumaq nəsib etməyibdir; çünki oxuyanların əksəri bəd e’tiqad olur və zəlalətə düşür. Di gəl cavab ver. Di gəl bu kövdəndən soruş ki: ey kövdən, sən nə dəlil ilə bu qövlünü sübutə yetirirsən? Di gəl bunu başa sal ki, ey əhməq, səhv edirsən! Başqa tərəfə rücu edirsən, görürsən ki, birisi təsbih çevirir, birisi də onun tərəfinə uzanıb soruşur ki: filankəs, bu gecənin ə’malı nədir? Bu gecə neçə rük’ət gərək nəmaz qılmaq? O cavab vermir. Taki, zikrin tamam edir, sonra sailə mültəfit olub deyir ki: nə tələsiyirsən? Molla Cabbardan sonra Axund Cə’fər minbərə çıxacaqdır. Bu gecənin ə’malını “Zadül-məad” kitabından zikr edəcək. Pərvərdigara, qəribə halətdir, külli-aləm dəyişilib, külli-aləmin ətfalı hədd-bülüğa çatıbdır, əhli-İran hələ yengicə iməkləmək başlayır. + Axund Molla Cabbar minbərə çıxdı, başladı: *Ey Cəlalüddövlə, “Məsaibül-əbrar” bunların ümdə literaturlarından birisidir”. Seyyidüşşühədanın viladət gecəsində həqq-təala behişt hurilərindən birisinə ki, adı Lə’ya idi, vəhy etdi ki, dari-dünyaya nüzul et və həzrəti-Bətulə mamaçalıq elə! Müsənnifi-kitabi-“Məsaibıləbrar”, hədisi-sərih mucibincə rəvayət edir. Ey Cəlalüddövlə, guya ki, Mədinədə dəxi bir arvad tapılmırdı ki, mamaçalıq etsin. Lə’ya huri tayfası belə ömründə [kişiyə yaxınlığı] yox, doğduğu yox, doğuzdurduğu yox; o mamaçalığı nə biləcək idi? Bəhər surət *... Lə’ya nüzul etdi və rüsumi-mamaçalığı mə’mul edib Seyyidüşşühədanın göbəyin kəsdi, həzrəti-Bətulə mübarəkbad dedi, genə bəhiştə rücu’ elədi. Ey Cəlalüddövlə, mən müxtəsər yazıram, elə bilmə ki, bu gunə cəfəng beş-altı kəlmədə tamam olur. Qərəzim budur ki, sən biləsən, əhli-İran nə dərəceyi-kəmaldadırlar ki, mamaçalıq qeydini dəxi mucidi-kainatın öhdəsinə həvalə edirlər. Bu surətdə Molla Rəməzani səfih Həzar-Cəriblini gərək sərzəniş etməyək ki, əimmeyi-əthara nisbət fərti-ixlasından bir səc’i-möhr bir misrədə həzrəti-barinin ismi üçün inşa edib, Mazəndəranın nüktəsəncanlarına mə’ruz eləyib, onların tə’nəsinə müstəhəq olmuşdu. Budur biçarə Molla Rəməzanın misrəi-səc’i: Genə Molla Cabbar zikr etdi: Seyyidüşşühədanın gəhvarədə yatdığı övqat, həzrəti-Bətul bir şüğl üçün evdən kənar oldu. Seyyüdüşşühəda gəhvarədə ağlamaq başladı. Onun ağlamaq səsi ərşi-ə’lada zati-kibriyanın səm’inə yetişib Cəbrailə əmr etdi ki: Ya Cəbrail, yetir özünü sibti-rəsulun üstünə; onun gəhvarəsini tərpət və lay-lay çal! Cəbrail filfövr Mədinəyə nüzul edib oturdu həzrətin gəhvarəsinin yanında; başladı onu yüyürməyə və lay-lay çalmağa, bu beyti oxuya-oxuya: Genə Molla Cabbar dedi: Həqq-təalanın bir mələki var idi ki, adına Fətrəs deyirdilər, ərşiilahinin hamillərindən və müqərrəb məlaikədən idi. Bir gün xudavəndialəm Fətrəsə bir iş rücu etdi; Fətrəs haman işi bir az gec bitirdi. Lihaza həqq-təalanın ona qəzəbi tutdu, onun balü-pərin sındırdı. Dərya cəzirələrinin birisinə saldı. Yeddi yüz il o cəzirədə qaldı. Sonra həqq-təala onu dünya əzabı ilə axirət əzabının arasında müxəyyər elədi. Fətrəs dünya əzabını ixtiyar etdi. Pəs həzrəti-bari onu gözünün kirpiklərindən haman cəzirədə müəlləq elədi. Vəqta ki, Seyyüdüşşühəda təvəllüd tapdı. Cəbrail ərşdən həzrəti-rəsulun mübarəkbadlığına mə’mur oldu. Güzəri haman cəzirəyə düşüb Fətrəsi gördü. Fətrəs ona yalvardı ki, məni də özünlə apar! Cəbrail onu özü ilə bərabər götürdü. Onun əhvalını həzrəti-rəsula nəql etdi. Həzrəti-rəsulun tə’limi ilə Fətrəs üzünü mövludi-mübarəkə sürtdü. Fətrəsin əvvəlki kimi balü-pəri düzəldi; genə ərş tərəfinə pərvaz elədi. *Ey Cəlalüddövlə, əgər cənabi-əqdəsi-ilahi, nəuzbillah mərsiyəxanların qövlüncə belə despot imiş ki, bir möhtərəm və müqərrəb firiştəsini bir buyuruq bitirməkdə cüzvi tə’xir etmək üçün balü pərin sındırıb yeddi yüz il cəzirədə dustaq edib, axırda kirpiklərindən asmaq ilə onu müəzzəb edibdir; onun despotluğundan da əlhəzər... Molla Cabbar bu əxbarı zikr edəndən sonra təqrir elədi ki: bu növ əhadis bihəddü-həsrdir. Xah Seyyidüşşühədanın şərafətində, xah onun tə’ziyədarlığının və ona ağlamağın və ziyarətinə getməyin və xah o mədfun olan torpaqda dəfn olunmağın və bu qəbil zadların səvabında. Və şüru etdi bir məclisi-büka oxumağa. Molla Cabbar tamam edəndən sonra Axund Cə’fər minbərə çıxdı “Zadül-məad” kitabı əlində. Kitabı açdı, başladı ki, bu gecənin ə’malı budur ki, qüruba yaxın gərək qüsl edəsiniz, bu gecə əhya saxlayasınız və yüz rikət namaz qılasınız. Hər rikətdə həmddən sonra on mərtəbə qülhüvallah oxumaq ilə və bu yüz rikətdən başqa nafilə namazını da gərək qılasınız və covşəni-kəbir duasını da gərək oxuyasınız. Məclis dağıldı. Mən yolda rüfəqaya dedim ki: mənim üçün məclisi-və’zdə də, məclisi-mərsiyədə də biixtiyar kəsalət hasil oldu. Filfövr rüfəqadan birisi dedi ki: onun səbəbi vazehdir. Sən hər gün bu qişri və bimə’rifət mollaların və’zinə gəlirsən. Bular üsulidirlər, bular əhli-zahirdirlər, buların əqvalı çoxdan köhnəlib əldən düşübdür. Bulardan nə ləzzət aparacaqsan? Sabah gəl, gedək filan məscidə, axund Molla Rəhimin və’zinə ki, şeyxidir. Mətalib eşit ki, ruhun ləzzət aparsın. Təbrizin yarısı indi şeyxi məzhəbdir, külli-əhli-kəmal, külli-sahibi-fətanət tamam şeyxi məzhəbdirlər; ancaq baqqal-çaqqal üsuli məzhəbində baqi qalıblar. Mən dedim ki, çox xoşhalam. Sabah da gedək axund Molla Rəhimin və’zinə. Sabah getdik, oturduq. Axund Molla Rəhim çıxdı minbərə, əvvəl bu ayəni oxudu: Hər aqilə pür vazehdir ki, ibadət mə’rifətsiz olmaz. Pəs -dan murad -dur. Gərək biləsiniz ki, mə’rifət nə ilə hasil olur? Mə’rifət ancaq şeyxi-mərhumun mətalibini bilmək ilə və əimmeyi-ətharın məratibini tanımaqla hasil olur. Xəyal edirsiniz ki, köhnə məzhəbdə və köhnə əqaiddə mə’rifət mümkün olurdu? Əslən və qət’ən! Cənabi-əqdəsi-ilahi firqeyi-isna əşəriyyənin səadəti üçün Şeyx Əhmədi-mərhum Bəhreynini mülhəm elədi, bu mətalibi ixfadan izharə çıxartdı və bu milləti cəhalətdən qurtardı. Sonra axund Molla Rəhim başladı və’z verməyə. Pərvərdigari-aləm külli-kainatı hər vücudun qabiliyyəti müqtəzasınca icad etdi. Ey Cəlalüddövlə, fəramuş eləmə ki, bu surətdə qabiliyyəti-xilqət vücudə müqəddəm düşür. Yə’ni əvvəl həqq-təala külli-mövcudatı və məxluqatı xəlq elədi aləmi-zərrdə, kəmali-şüurda və ixtiyarda. O halətdə ki, heç birisi küfr və iman hökmünə məhkum olmamışdılar. Necə ki, həqq-təala xəbər veribdir. Yə’ni xalq cümləsi bir nəsəq ilə idilər və heç əmrə məhkum olmamışdılar, pəs müxtəlif oldular, təklif səbəbi ilə və irsali-rüsul və inzali-kütüb ilə. Həqq-təala aləmi-zərrdə ki, bu aləmdən yetmiş min mərtəbə övsə’dir, təklif etdi: Ey Cəlalüddövlə, hələ aləmi-zərrdə ki, bular özləri də hesab ilə gərək təzə xəlq olmuş olaydılar, görəsən bir belə tərcihə səbəb nədir? Pəs xalq neçə firqə oldu. Bə’zisi iman və ixlas və mə’rifət və bəsirət üzündən dedilər ki, bəli, iman gətirdik və təsdiq etdik o zadı ki, bizə göndəribsən, əvamirdən və nəvahidən. *Ey Cəlalüddövlə, bişək bular Təbriz əhli imiş. Bə’zisi mə’rifət və bəsirət üzündən inad və nifaq pişə etdilər və dedilər ki, nəəm yə’ni sən bizim pərvərdigaramız deyilsən və Məhəmməd bizim peyğəmbərimiz deyil və Əli bizim imam və xəlifə və sahibi-ixtiyar və hakimimiz deyil və habelə onun övladı da. *Ey Cəlalüddövlə, kaş deyəydilər ki, bulardan başqaları da bizim peyğəmbərlərimiz və imamlarımız və vəlimiz deyillər ki, elə bir yolluq hamısının yolu bağlanaydı. Və bə’zisi – əvvəlkilər tabe’ oldular imanda və təsdiqdə və iqrarda və lakin əvvəlkilər ki, sabiqundurlar və həqq-təala onların haqqında buyurubdur ki: iqrar edibdirlər bil-əsalə və axırkılar ki, əshabiyəmindirlər və həqq-təala onların haqqında buyurubdur: iqrar etdilər bittəbəiyyət. Pəs olar əvvəlkilərin şiəsidirlər. Və bə’zisi ikimcilərə tabe’ oldular inkarda və inadda, fəhm və bəsirət üzündən. Olar əshabi-şimaldır ki, həqq-təala onların şə’nində buyurubdur: Və xalqın bə’zisi iqrar etdilər, yə’ni “bəli” dedilər ki, olar anlamadılar və bilmədilər işi ki, kimə tabe’dirlər və kimə mətbudurlar; haqq kimdir və batil kimdir? Pəs həqq-təala əvvəlkiləri xəlq etdi əla illiyin və əsl cənnət tinə-tindən və onların tabe’lərini xəlq etdi tinəti-məxzunə və məknunədən, əvvəlki tinətdən ənzəl. Məsələn: əvvəlkilərin tinətini cirmişəmsdən və tabe’lərin tinətini nuri-şəmsdən xəlq etdi. Pəs tabe’lər şiədirlər və cənnətə daxil olacaqlar və münkirlərin tinətini xəlq etdi siccin və əsfəlüs-safilindən. Pəs olar xəlq olundular zülmətdən və cəhalətdən və şeytənətdən və hümqdən və səfahətdən və külli-xəbasətdən, necə ki, həqq-təala buyurubdur: və özgə yerdə buyurubdur: Amma cahillər, pəs onların əmri müəvvəqdir, olara küfrdən və imandan bir hökm olunmayıbdır. Taki, dünyaya gəlsinlər və qəbulitəklif etsinlər, ya etməsinlər. Dünyada da cahil olsalar, qiyamətdə olara təklif olacaq. Pəs xəlaiqə aləmi-şəhadətdə ki, bu dünyadır, təklifi təcdid etdilər. Hər şey mürəkkəbdir iki şeydən, birisinə qabil, birisinə məqlub dedilər. Qabildən mürad hey’ət və supətdir; məqlubdan mürad hey’ətin maddəsidir. Misal siracdır ki, onun maddəsi nardir və şö’ləsi hey- ’ətdir, əsəri nurdur və zülmətdir. Siracda nur və zülməti ehdas etməyə müəssir nardir və siracdaki şö’lə onun felidir ki, onunla nur və zülməti ehdas edibdir. Pəs siracın, yə’ni şö’lənin təzəvvüü və təhəqqüqü olmaz, məgər bəfe’li-atəş və nur və zülmətin, yə’ni əşi’ənin təhəqqüqü olmaz, məgər şö’lənin vasitəsi ilə. Pəs əşi’ə istimdadı bu şö’lədən edəcəkdir. Zira ki, atəş, əşi’ənin cəmi mayəhtacını şö’lənin yanında qoyubdur və ona əmr edibdir ki, bəqədri-mə’lum əşi’ənin hər birisinə əta etsin. Pəs şö’lə atəşin vəchi və babı tə’bir olunur ki, əşi’ə onun vasitəsi ilə atəşə təvəccöh edər və ondan mədəd alar. Əgər şö’lə olmasaydı əşi’ənin heç birisinə vücud olmazdı. Yə’ni əgər şö’lə olmasaydı, əşi’ə hərgiz məxluq olmazdı. Əşi’ənin xilqəti, yə’ni nur və zülmətin xilqəti vabəstədir şö’ləyə və şö’lədə dəxi müəssir nardir. Pəs nar bir xəzinə idi, gizlin, çün istədi ki, şünaxtə olsun və dost tutdu ki, zahir olsun, öz fe’lini zahir etdi qabiliyyəti-döhndə. Pəs siraci-vəhhac mövcud oldu. Pəs ona əmr elədi iqbal etsin əşi’ə tərəfinə və ehdas etsin onu. Sirac əşi’əni ehdas edəndən sonra əmr etdi əşi’ədən idbar etməyə və öz tərəfinə iqbal eləməyə və əşi’əni əmr etdi öz tövhidinə və şö’lənin risalətinə və buyurdu əşi’əyə ki: Siz hərgiz mənə vasil ola bilməzsiniz, məgər bu babdan ki, şö’lədən ibarətdir. Pəs cəmi əşi’əyə narin əsamisi deyilir və narin ismi-ə’zəmi şö’lədir ki, babi-feyzdir və heç mədəd nardən əşi’əyə yetişməz, məgər şö’lə ilə. Pəs hər vəqt ki, əşi’ə nari şö’lə vasitəsi ilə çağırar, müstəcab olur. Pəs şö’lə narin bəndəsidir, onu girami tutubdur. Şö’lə narə təqəddüm edə bilməz heç bir əmrdə və illa həlak olur. Zira ki, şö’lənin təzəvvüü yoxdur, məgər nar ilə və nurə və zillə imdad yetirməz, məgər nar ilə. Çünki bunu bildin, pəs fəhm et ki, siracda olan nar misaldır məşiyyətüllahdan və döhn misaldır qabiliyyəti-peyğəmbərdən səlləllahü əleyhi. Necə ki, həqqtəala xəbər veribdir: Yə’ni yaxındır ki, qabiliyyəti-Məhəmmədi zahir və mövcud ola, əgərçi ona atəşi-məşiyyət yetişməmişdir. Bu işarətdir şiddəti-nuraniyyətə və səfayi-qabiliyyətə. Məhəmməd səlləllahü əleyhin əqli və on dörd nəfər mə’sumun əqli onun övladından, əqli-vahiddir ki, müntəqil olubdur hər birisinə, bər səbili-tənavül və buna lisani-şər’də ruhülqüds və mələki-müəyyəd və mələki-müsəddəd və əmud-əznur də deyərlər. Pəs əvvəl şey’ – ki, qədəm daireyi-vücuda qoydu – nuri-Məhəmməd əleyhüssəlamdır və onun əhli-beyti-tahirlərinin nurudur. Budur peyğəmbərin qövlünün mə’nası ki: Pəs mə’lum etdin ki, əşi’ənin heç birisinin qivamı və vücudu və təhəqqüqü olmaz, məgər sirac ilə və əzlalın dəxi təhəqqüqü və səbatı olmaz, məgər sirac ilə. Pəs əşi’ənin və zilalın bəqası olmaz bidunimədədi-sirac ilə. Pəs əşi’ədən ibarət o kəslərdir ki, aləmi-zərrdə öz xahişləri ilə iman gətiriblər və əzlaldan ibarət o kəslərdir ki, aləmizərrdə ixtiyarları ilə küfrü qəbul ediblər. Pəs külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külli-əşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə və sirac ibarətdir əimmeyi-mə’- sumindən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətüllahdan. Zinhar, zinhar belə təvəhhüm etməyəsən ki, əimmə vücudlarında müstəqildirlər, bəlkə olar möhtacdırlar və olar həqq-sübhanəhu və təalaya əbddirlər və həqq-sübhanəhu və təala mə’buddur. *Və’z tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. Ey Cəlalüddövlə, axund Molla Rəhimin təqriratı əgərçi istilahiqəribdir və qərib bəzehn deyil, amma masədəqi-kəlamından məfhum olur ki, Şeyx Əhməd Bəhreyni də vəhdəti-vücuda qaildir. Fəqət zatibari ilə əimmə arasında necə ki, İsmailiyyə-məzhəb Ələvilər ki, bir müddət Misirdə xilafət etdilər, bu əqidədə idilər, cümlədəndir Əlhakim billah-Ələvi ki, özünə mucid və xaliq mühyi və mümit ləqəbini itlaq etdirirdi və bu əqidədə təbəəsinin ünas və zükurundan özünə bey’ət və misaq aldırardı. Əgər Misrin İsmailiyyə-məzhəb Ələvi xüləfalarının əsrində təsnif olunan kütübə mülahizə olunsa, Şeyx Əhməd Bəhreyninin əqaidi küllən təsnifatın içində müşahidə olunur. Xülasə, Şeyx Əhməd Bəhreyni əimmə ilə həzrət-bari arasında vəhdəti-vücuda mö’təqid olan nəzərə gəlir. Haman qərar ilə ki, məsihilər vəhdəti-vücudu əb və ibn və ruhülqüsdə fərz edirlər. Əgərçi şirkdən qorxub pərdəkeşlik edib, zinhar-zinhar ilə yaxasın qıraq çəkir və bəlkə bir növ ilə sirf vəhdəti-vücuda qail görünür *. Ondan ötrü ki, özü deyir: külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külliəşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə, yə’ni sirac vasitəsi ilə büruz tapıbdır və sirac ibarətdir əimmədən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətullahdan; bu surətdə biz ki, əşi’ə, ya əzlal cümləsindən varıq və habelə əimmə ki, şö’lədirlər, zühur tapmamışıq, məgər narin zatının təqazasi ilə. Zira ki, şüa və zill və şö’lə həmişə vücudi-nardən peyda olurlar, nə başqa şeydən. Pəs külli-kainat vücudi-nardən ki, ürəfanın istilahınca vücudi-külldür naşi olubdur və zühur tapıbdır kəsərəti-latühsadə və əşkal və ənvai-müxtəlifədə bilaixtiyar. Yə’ni birisi şö’lə surətində ki, bərfərz əimmədir, birisi əşi’ə və əzlal surətində ki, bərfərəz bizik. Pəs biz bir qüvveyi-kamilə və qadirədən ki, nardir, büruz peyda etmişik. Əgər o qüvvə olmasaydı, biz dəxi olmazdıq. Əgər biz olmasaydıq, o qüvvə dəxi olmazdı, yə’ni şö’lə və şüa və zill olmıya, həqiqəti-nariyyət zaildir. Nə o qüvvənin bizdə təsərrüfi-ixtiyarisi var, nə bizim o qüvvədə təsərrüfi-ixtiyarimiz var. Bu vəhdəti-vücuddur. Dəxi nə istəyirsən? Əgər şeyxilər deyələr ki, nar ibarətdir məşiyyətullahdan və məşiyyət qeyri-zati-baridir, bu surətdə məşiyyət şö’ləyə və əşi’əyə və əzlalə maddə ola bilməz. Çünki məşiyyət əmri-mənəvidir, iradə mə’- nasına ki, bizim xilqətimizin fe’li ona mənutdur. Pəs bizim maddəmiz hardan peyda oldu? Zira ki, şeyxi-mərhum özü buyurubdur ki, hər şey hey’ət və maddədən mürəkkəbdir. Hey’ətimiz mə’lum, axır maddəmiz də gərək olsun? Əgər şeyxilər deyələr ki, maddə ədəmdən peyda oldu, bu qələti-məhzdir. Ondan ötrü ki, ədəm, vücuda maddə düşə bilməz; xüsusən ki, şeyxilərin əqidəsində müddəi siraci-nardir və şö’lə bəndeyi-nardir. Əgər nar məşiyyətullah olub qeyri-zati-bari ola, necə sirac maddə düşər və necə şö’lə qeyri-zati-bariyə bəndə olur? Xülasə, xeyli cəncəl əqidədir. Bilmirəm ki, şeyxilər nə gunə buna əqaidi-şər’iyyə ilə tətbiq verirlər? * *Və’z tamam olandan sonra, o şeyxi rəfiq mənə rücu edib vəcd ilə soruşdu: Necə gördün, ruhun ləzzət apardımı? Cavab verdim ki: ruhum necə ləzzət aparsın ki, heç zad anlamadım. Genə rəhmət be nəbbaşi-əvvəl; köhnə məzhəbin vaizlərinin sözlərini heç olmasa başa düşürdüm. Təəccüb ilə dedi ki: Sən Allah, doğru deyirsən? Dedim: Vallah, doğru deyirəm. Mən belə quş dilini necə anlayım? Dedi: Təəccüb edirəm, sən belə savad və kəmal sahibi adam, bu aşkara mətalibi fəhm edə bilməyirsən? Dedim: Əzizim, bu mətalibi fəhm etmək üçün yalqız savad və kəmal kifayət etməz, gərək əhli-Təbriz kimi sahibi-mə’rifət və sahibifətanət olmaq ki, bu mətalibi başa düşmək. Mən ancaq beş-altı gündür Təbrizə varid olmuşam. Əgər təbrizlilərin içində bir il, iki il qalsaydım, yəhtəmil, mən də olardan müqtəzasınca mə’rifət kəsb edərdim. Amma beş-altı gündən sonra çıxıb gedirəm Rəştə. Burada iqamət etməyə fürsətim yoxdur. Təqsir özümdədir. Niyə mən aləmi-zərrdə öz ixtiyarımla məqami-inadda durub əzlal cümləsinə daxil oldum ki, indi bu mətalibin fəhmindən və ləzzətindən məhrum qaldım. Bu halda rüfəqadan birisi dedi ki: Sənin məzaqına, olur ki, Rüknirabein əqaidi müvafiq düşə. Soruşdum: Rükni-rabe’ kimdir? Bu necə sözdür? Cavab verdi ki: Axır bir rükni-rabe’ də var Kirmanda, Kərim xan adlı, deyir ki: aləm dörd rüknün üstündə bərqərardır; rükni-əvvəl həqq-təala özüdür; rükni-sani peyğəmbərdir; rükni-salis əimmədir, rükni-rabe’ Kərim xandır ki, əimmə tərəfindən naibdir və cümlə kainat, onun vücudi ilə qaim və bərqərardır və külli-məxluqata o Kərim xanın itaəti vacibdir və heç vaxt aləm rükni-rabe’dən xali ola bilməz. Çünki aləm fənayə gedər. Aləmin qivamına və səbatına rükni-rabein vücudu lazımdır və Kərim xandan sonra genə gərək başqa rabe’ ola, ta inqirazi-aləm. Soruşdum ki: heç onun əqaidindən bilirsənmi? Cavab verdi ki: Bilmirəm. Amma nəql edirlər ki, onun əqaidində mətalibi-aliyə var ki, “İrşadül-əvam” adlı kitabında bəyan edibdir və İraq şəhərlərinin əksərində xüləfası oturub xalqı hidayət edirlər. Dedim ki: heyf, onun mətalibindən bilmirsən, vaxtı ilə olur ki, onun mətalibindən dəxi feyziyab olaq. Çifaidə, bir kəs tapa bilmədim ki, Babın əqaidindən dəxi bir zad söyləyə. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. Amma yəqinimdir ki, Bab dəxi bu növ pərpuçatı bir özgə libasa geydirib meydana çıxıbdır. Ancaq Babın iki hökumü ki, öz Quranında, rüfəqanın təqririnə görə, bəyan edibdir, hökmi-filosofanə nəzərə gəldi. Birisi budur ki, taifeyi-ünas gərək cəmi rüsumiazadiyyətdə və cəmi hüquqi-bəşəriyyətdə taifeyi-zükur ilə müsavi ola və gərək taifeyi-ünasə dəxi taifeyi-zükur kimi tərbiyət verilə və madam ki, taifeyi-ünas şövhər ixtiyar etməyibdir, güşadə-ru ola və şövhər ixtiyar edəndən sonra hifzi-namus təqaza edir ki, pərdənişin və məsturə olsun və əcnəbilərin ixtilatından və irtibatından e’tiraz etsin. + Qürrətül-eynin güşadə-ru olmağı bu hökmün tibqincə imiş. *[Bu hökmün misli təkarvadlılıq hökmü ilə birlikdə Əla-Zikrihissəlamda da görünmüşdür]. Birisi dəxi budur ki, aləmi-təbiətdə heç bir vücuda və şeyə nəcis itlaq olunmağını Bab caiz görmür, məgər inki bir para vücudu və əşyanı kərih bilir. Məsələn, deyir ki, kəlb və xınzır və xəmr və xun nəcis deyil, bəlkə kərihdir. Necə ki, qurbağa və fəzleyi-heyvanati-tahirə kərihdirlər. Vaqeən bu iki hökm bimisl əhkamdan hesab oluna bilir; xüsusən ikincisi ki, əgər İranda mütədavil olsaydı, dəxi dünyada cühüd millətindən başqa heç yerdə vasvası vücudu tapılmazdı. İndi nə qədər vasvası dünya üzündə məhz nəcasətin vücuduna e’tiqad etmək üçün tamam ömürlərində əzabi-əlimə və məşəqqəti-şədidə giriftardırlar. Xülasə, madam ki, elmin rəvacı yoxdur və madam ki, xalq elm səbəbi ilə, həqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir Şeyx Əhməd-Bəhreyni və gündə bir Bab və bir Rükni-rabe’ çıxacaq, aləmə fitnə və aşub salacaq və xalqı sərgərdan və bədbəxt edəcək. Vəqta ki, xalq proqres başladı, vəqta ki, elm rəvac tapdı və xəvariqi-a’datın və mö’cüzatın və kəramatın məhal olmağından müxbir oldu və külli-miləl də əqaidi-diniyyənin puç əfsanə olmağın bildi və sivilizasyon dairəsinə ayaq basdı, şeyx Əhməd-Bəhreynin də, Babın da və Rükni-rabein də və buların əmsalının da yolu bağlanır, xalq cəhalətdən və fitnə və aşubdan azad olur və despotdan dəxi azadiyyət tapar və despot dəxi ləqəbi-digər ilə rəisi-millət olub məhbubi-küllinas və məmduhi-külli-afaq olur və millətin iradəti vasitəsi ilə küllimüddəiyan və qasibani-mülkün fəsadından və küll daxil və xaric düşmənlərin şərrindən əmin və məsun qalır və bizəval səltənətin səməratından özü və əxlafı nikunamlıq ilə bəhrə tapar. Bir həftədən sonra Rəştə rəvanə oluram. Bir ay orada qalacağam. Sonra Mazəndərana gedəcəyəm. Xudahafiz. Kəmalüddövlə * * * İran şahzadəsi Cəmalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə yazdığı cavabdır Zilqə’də ayında, sənə 1280-də Misirdən Ey bəradəri-mehribanım Kəmalüddövlə! Sənin üç məktubun da mənə vasil oldu. Üçünü də oxudum, məzmunundan xəbərdar oldum. Əfsus, əfsus səndən, ey Kəmalüddövlə, ey Ali-Kürəkanın yadigarı, ey səlatini-namdarların xələfi! Sən belə xəbti-dimağ gətiribsən? Sən belə malxuliya tapıbsan? Heyf, səd heyf! Yazırsan ki, səlatini-fürsün yaxşı-yaxşı qanunları və qaydaları var idi və milləti-İranın onların əsrində yaxşı səadəti var idi, ərəblər çıxdılar, o səlatini yox etdilər və onların qəvaid və qəvaninini pozdular və milləti-İranı səadətdən məhrum etdilər. Ey biçarə, bir təsəvvür elə ki, padişahani-fürs və külli-əhli-İran ərəblər çıxanda nə məzhəbdə idilər? Aya, səlatini-fürs və milləti-fürs məcus deyil idilər? Aya, olar deyildi ki, analarını, bacılarını və qızlarını və əmmələrini, xalalarını nikah edərdilər? Külli-dünyanın üzündə, hətta vəhşi və meşələrdə heyvanat kimi gəzən təvaifin içində bir belə rəsmi-şəni və müxalifi-təb’ və insaf adət müşahidə olunurmu və aya, bundan böyük bədbəxtlik olur ki, kişi öz anasını və bacısını və qızını alsın, özünə cüft etsin? Ünas taifəsini pərvərdigari-aləm bəşəriyyətdə aciz, zəif yaradıbdır. Onun hamisi atası və oğlu və qardaşı və əmisi və dayısıdır. Vəqta ki, bir məzhəbin səbəbi ilə taifeyi-ünasə ata və oğul və qardaşı yaği görünə, onun hamisi pəs kim gərək olsun? İddia edirsən ki, Firəngistan gəzib, ə’ləmi-ətibba görübsən, niyə bir olardan soruşmadın və təhqiq etmədin ki, aya, nəslin davamına və izdiyadına bəid qandan tənaköh uladır, ya qərib qandan? Fürs millətinin halətinə səadət ad qoyursan və səlatini-fürsün qəvaid və qəvaninini mədh edirsən. Heyf olsun sənə, ey Kəmalüddövlə! Niyə bilmirsən ki, bir belə əqidənin və bir belə məzhəbin vücudu ilə məən olan səadət aqil şəxsin nəzərində eyni zəlalət görünür və səlatini-fürsün, qəvaid və qəvaninini cəvahiri-qəvaid və yəvaqiti-qəvanin olsa da, belə məzhəbin şərakəti ilə xərmehrəcə nəzərə gəlməz. Cənab əqdəsi-ilahinin lütfi-xassi fürs millətinə şamil oldu ki, ərəbləri olara müsəllət elədi və bu adəti-şəniəni onların içindən rəf’ etdi və bu məzhəbi-batili, onların arasından götürdü. Mənə Firdövsinin əş’arın, öz sözün təqviyətində şahid çəkirsən. Firdövsi özü də sənin kimi bir laməzhəbin birisi idi. Aya, Firdövsi deyil idi ki, fəlsəfi və dəhriməzhəb olmağı ilə Sultan Mahmudun nəzərində müttəhim oldu? Aya, onun fəlsəfi və dəhriməzhəb olmağına özünün bu əfradı dəlalət etməzmi? Yə’ni dünya həmişə var imiş və həmişə də var olacaq. Aya, Firdövsi özü də Sultan Mahmudun həcvində demirmi ki, onu bidin hesab edirdilər? Əgər vaqeən Firdövsi laməzhəb deyil idi, nə səbəbə bu isnad ona verildi? Pəs niyə özgələrinə bu isnadı vermirdilər? Bundan əlavə dəxi, Firdövsi o səbəbə fürsləri mədh və ərəbləri zəmm edir ki, özü də fürs millətindən idi. Bəlkə atəşpərəstliyi və kokəbpərəstliyi dini-islama tərcih verirdi və fürs padşahlarının və məcüsilərin təəssübün çəkirdi. Əgər Firdövsi pak-e’tiqad adam olsaydı və onun islamiyyətində şaibə olmasaydı, heç vaxt onun dilinə gəlməzdi, bəlkə cəsarət elə bilməzdi ki, [ərəblərin həcvində] bu əfradı desin: Və heç vaxt deyə bilməzdi ki, ərəblər, yə’ni ərəblərin peyğəmbərləri xalqı çalıb-çapmaq üçün və xalqın malın talamaq üçün əllərində dini bəhanə ediblər. *O ki bir para əfrad, həzrəti-Əli əleyhissəlamın mədhində və əhli-beytin iradətində deyibdir, bu fərdləri Sultan Mahmudun nəzərindən düşəndən sonra nəzm edib kitabına daxil etdi ki, Fəxrüddövleyi-Deyləmiyə xoş gəlsin. Çünki Fəhrüddövlə şiə-məzhəb idi və Sultan Mahmuda ədavəti var idi. Bir dəfə Firdövsiyə min qızıl hədiyyə göndərib, onu öz hüzuruna də’vət etmişdi. Firdövsinin əimmeyiəthar haqqında dediyi əfrad ixlas üzündən deyil, riya üzündəndir, və Firdövsinin əş’arı ərəblərin zəmmində mənə heç vaxt dəlil olmaz. [Əbdürrəhman ibn-Xəldunu mən çox yaxşı tanıyıram. O, Bəni- Üməyyədəndir. Əbu-Süfyan onun əmisidir, Müaviyə onun əmisi oğludur. Öz kitabında Müaviyənin və Bəni-Üməyyənin tərəfini saxladığını və Müaviyəni səhabənin böyüklərindən saydığını görmürsənmi? İbn- Xəldunun ata-babaları Bəni-Üməyyənin zəiflədiyi dövrdə Suriyadan Afrikaya və Əndəlisə düşmüşlər. O və onun ata-babası Bəni-Haşim xanədanının düşmənidirlər. Bizim peyğəmbərin nübüvvətini ərəblərin təbiətinin tələbinə isnad verməkdə onun e’tiqadı sənə və başqalarına sənəd ola bilməz. Çünki bu isnad qərəz yolu ilədir. Bəni-Üməyyənin qanında Bəni-Haşimə qarşı kin və ədavət aləmin sonuna qədər cari və baqidir. Əmmarətül-Yəməni də dinsiz və fasiq bir şair idi. Buna görə də Səlahəddin onu, firənglərə kağız göndərib oları Misri zəbt etmək üçün də’vət edən bə’zi müsəlman xainləri ilə birlikdə dara çəkdi]. Bir dəxi Əla-Zikrihissəlam İsmailinin halatını xəyalati-batilən həqqiyyətinə isbat gətirirsən və bu mülhid köpək oğlunu da adam cərgəsinə qoşursan. Əla-Zikrihissəlamın atası Məhəmməd Büzürg Ümmid, Allah rəhmət eləsin, bildi ki, oğlu necə bicdir və necə bədzatdır; o cəhətdən xalqı cəm edib əla-rüusül-əşhad oğlunun əqval və əf’alına inkar etdi və oğluna tabe’ olanlardan iki yüz əlli nəfər qətlə yetirdi və iki yüz əlli nəfəri qəl’eyi-Ələmövtdən ixrac elədi və izhar etdi ki, hər kəs mənim oğlumun əqvalına e’tiqad etsə, kafirdir. Əla- Zikrihissəlam atasından xaif olub tövbə etdi və atasının rəvişinin isbatına risalələr inşa elədi, ta ki, atasını bilkülliyə inandırdı ki, o, təriqimüstəqimdədir, çünki atası bir sadədil adam idi, oğluna bavər edib mənsəbi-vilayəti-əhdi ona təslim elədi. Vəqta ki, Məhəmməd Büzürg Ümmid mərhum oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətdə oturub də’viyi-imamət başladı və özünü Nəzar ibn-Müstənsir Ələvinin evladından sayıb şər’i-şərifin təhavünündə çalışıb diyari-Rudbar və Qəhistanda rəsmi-fisq və fəsad və küfr və ilhad aşkar etdi. Bir də təkalifi-şər’iyyənin bütlanına Bu-Əli-Sinanın qövlünü hüccət tutursan, belə ki, deyirsən: Bu-Əli-Sina dəxi bir şürbi və fasiqin birisi idi. Bir təvarixə rücu et, gör ki, o kim idi? Nəinki dini və məzhəbi yox idi, əxlaqı da yox idi. Laməzhəbliklə şöhrət tapdığı üçün Sultan Mahmud Qəznəvidən qaçıb qəzayayi-mütənəvviədən sonra gəlib Həmədana Şəmsüd-dövleyi- Deyləmiyə vəzir oldu. Əyyami-vəzarətində bir tövr rəftar elədi ki, ləşkər ondan təngə gəlib evini qarət elədilər və özünün qətlinə qasid oldular; qaçıb qırx Şeyx-Əbu-Səidin evində gizləndi. Sonra genə kərrəti-saniyədə Şəmsüddövləyə vəzir olub, hər gün gündüzlər sərəncami-ümuri-vəzarətə məşğul olurdu və gecələr əvvəli-şəbdə tüllaba dərs verərdi. Sonra müğənniləri və əhli-sazı və əhli-tərəbi cəm edib, + şürbi-şərabi-nabə iqdam edərdi. Afərin sənə, ey Kəmalüddövlə, ey Babur şah Kürəkaninin xələfi, ey Hümayun şah Teymurinin nəticəsi! Əgər Kürəkan nəslinin qanında bu növ xurdəbinlik var idi, bu növ filosofluq var idi, bu növ həqq ilə batilə fərq vermək qüvvəsi var idi və bəni-növi-bəşəri cəhl və zəlalətdən qurtarmağa talib olmaq və onların əhvalına cansuz olmaq maddəsi var idi, pəs niyə sənin babaların üç yüz ildən ziyadə Hindustan xalqının içində səltənət edib hindulərin puç-puç əqaidinə mültəfit olmadılar? İslam dininin əqaidi, yə’ni hindulərin əqaidindən də puç və çürükdür ki, sənin gözün indi bunu görür? Niyə sənin babaların hind xalqının zəlalətin görmədilər və niyə oları zəlalətdən qurtarmadılar? Niyə olara demədilər ki, adam arvadını öz rizası ilə biganə kişiyə cima etmək üçün vermək həmaqətdir və xilafi-qanuni-təbiətdir? Heyvanatda qeyrət var ki, öz təsərrüfündə olan dişini bəqədri-imkan biganə erkəkdən qoruyur. Məgər görmürsünüz atı, görmürsünüz iti, görmürsünüz quşları, görmürsünüz xoruzu? İnsan məgər heyvandan gərək biqeyrət olsun, öz cüftünü öz əli ilə biganə erkəyə versin. Niyə o hindulərə demədilər: fahişələri, hər məvaqifi-şərifələrində saxlayıb, gəlib-gedənə onların cimaını ehsan etmək, əməli-qəbih və ləğvdir və qızları cəbrən və qəhrən ata və anasından biizn aparıb əqd etmək zülmdür? Və niyə demədilər ki, şövhər öləndən sonra arvad sütti olmaq, yə’ni özünü şövhərin cəsədi ilə bir yerdə diri gözlü atəşə yandırmaq səfahətdir? Və niyə olara demədilər ki, adam bövl və qayitini qarışdırıb, qurudub, parçadan keçirib, suya qatıb içmək kövdənlikdir? Niyə olara demədilər ki, həbsi-nəfs etmək və başqa riyazəti-şaqqə əmələ gətirmək, məsələn, yeddi il sərasər samit oturmaq və əlini başına qoyub hərəkət verməmək və bu qəbil şeylər, küllən əhməqlikdir... Niyə olara demədilər ki, zəkərə və fərcə sitayiş etmək xəriyyətdir və ana ilə və bacı ilə və qız fərzəndi ilə və əmmə ilə və xala ilə cima etmək qəbihdir və adam öldürmək günahi-əzimdir? Zira ki, hindulərin Şaktyan taifəsi adam öldürməyi səvabi-əzim hesab edirlər. Niyə olara demədilər ki, adam ətini yemək və mürdəni torpaq altında saxlayıb paşidə olandan sonra tənavül etmək divanəlikdir? Niyə olara demədilər ki, kişilər doğmayan arvadlarını mürşidlərinin yanına aparıb, gözlərinin qabağında mürşidlərini arvadları ilə cima etdirmək ki, uşaq doğsunlar, səfalətdir? Niyə olara demədilər ki, öz qızlarını brəhmənlərin yanına aparıb gözlərinin qabağında cima etdirmək binamusluqdur və bütlərə sitayiş etmək əqideyibatilədir? Niyə sənin babaların bu qəbil bihəsr qəbih ə’malı hindulərin içində təsəllütləri ola-ola baqi qoydular? Pəs niyə sən özün heç bu qəbaihi hind əhlinin içində, öz vətənində görmədin, elə beş gün İrana gəlməklə öz rə’yi-fasidincə bizim əqaidimizin bütlanını görüb binayicansuzluq qoydun və hindulərin ancaq Çarvak taifəsinin əqaidinə mültəfit olub onu bizə səlah bildin? Niyə sənin gözün elə çarvakların əqidəsini gördü ki, biz dəxi necə ki, hindulər çarvaklardır, e’tiqad edək ki, kainatda sani və mucid yoxdur və ə’la və ədna olmaq aləmitəbiətdəndir. Və sani’in vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məznuna və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və savami’də ibadət xatiri üçün cəbhəsa olmaq və firiştələr ki, şühudi-fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək. Və nəqdi biəsli nisyəyə dəyişmək və cahdust füsəhanın kazibanə əqvali ilə ki, əvamı fərib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər, fəriftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək? Hər şey ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-cəsəd məvalidi-ənasirdəndir. Təbiətin müqtəzasında bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati tərkibi-cəsəd və səlamətihey’ət var hər zada ki, mərğubi-təb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq; vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür. Və bədən dəxi təxrib tapandan sonra balatər vətənə və naz və nəimə, üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müatəb olmazlar. Və nikukar olanlar rahət və ne’mətə çatmazlar. Bəlkə vaqeən də bər’əksdir, ondan ötrü ki, günahkar orucun və namazın və taatın və ibadatın əzabında farığ-bəfarığ olubdur. Və nikukar ibadatın məşəqqətində ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyyatdan e’tiraz etməsin. Zira ki, çün torpağa getdin, geri gəlməyin yoxdur. Mən sənə dedim get İranı bir gəz, öz həmməzhəblərinlə bir neçə gün dur-otur, könlün açılsın və qəm-qüssədən bir az ifaqə tap; demədim ki, get, bizim dinimizi və məzhəbimizi bərhəm vur. Külli-dünyadə hər taifə bir din, bir məzhəb tutubdur. Əgər başqalarının dini və məzhəbi həqdir, bizimki niyə həqq olmasın? Əgər nahəqdir, dahı nə eləyək, el ilə gələn qara gün bayramdır. Necə ki, ərəb deyir: Həqq-təala özü o əzəmət və cəbərutu ilə hər beş gündə Tur dağına gəlib, ağacın dalısına girib, həzrəti-Musa ilə danışmağa ərinmədi, elə bizim peyğəmbərimizin yanına Cəbrailini göndərməyə gərək ərineydi? Özgələri ölənləri təzədan dirilən [və göyə uçan] e’tiqad edirlər. Aya, biz bir dirini ölməyən və qaib olan e’tiqad etsək, göy kişnəyib, yer zəlzələ edəcək? İran şahzadələrinin səyaqi-rəftarını zəmm edib, onların üyubunu mənə xatir-nişan eləyirsən. Əqdəm bizim İran torpağında səlatin sil-siləsində bu səyaq rəftar hərgiz mə’ruf və mə’mul deyildi. Bu səyaq rəftarı və bu gunə rəsmi İran torpağında səlatini-Moğol mücra və mə’- mul etdi. Yə’ni əvvəl Çingizilər və sonra sənin babaların Teymurilər. Əgər bu səyaq rəftar fəzilətdir, sənin babalarından bizə yetişibdir. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? Mərhəba sənə, ey Kəmalüddövlə, əgər vaqeən sən belə filosof idin və öz əqidəncə mətalibi-aliyeyi-politikadan belə xəbərdar idin və bilirdin ki, despotluq pisdir, padişah gərək fəramuşxanələr açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun və özünü millətə məhbub eləsin və milləti özünə mürid və cannisar qılsın, konstitusyon qayırsın, parlamentlər tərtib etsin, qəvanin qoysun, tainki mülkü zəval tapmasın, pəs niyə dədən Zib-Övrəngə bu və’zlərdən vermədin ki, dediklərinə əməl edəydi, ingilis gəlib ölkəsini əlindən almayaydı və səni və qardaşlarını qapılara salmayaydı və millətinizi xar və zəlil etməyəydi? Bizim padişahımız despot isə də, Allaha şükür, genə özümüzdəndir, Allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq. Külli-cahaniyana mə’lumdur ki, ingilis Hindistan əhalisi ilə nə qism rəftar edir? Məgər sivilizasyon tapan ingilis və qəvanin sahibi ingilis, Hindistan əhli ilə despotdan yaxşı müamilə eləyir? Olara nisbət min mərtəbə genə despota rəhmət. Allahı sevərsən, Kəmalüddövlə, İranda çox durma, qayıt çıx gəl; qorxuram səndən ziyadə fəsad törəyə! [O fransızların atası gorbəgor olsun ki, sən iki-üç gün olarnan oturub-durdun və olardan bir para cəfəngiyat öyrəndin]. Sənin əqlinə bişübhə rəxnə yetişibdir. Bundan sonra mən səni Kəmalüddövlə xitab etmiyəcəyəm, bəlkə Nöqsanüddövlə xitab edəcəyəm. Allahı sevərsən, var, çıx gəl işinə, öz qəmini çək, öz dərdini çək, cızığından çıxma! Göndərdiyin tənbəki bəstəsi yetişdi. İstədiyin durbini alıb Hacı Abdullah mirvarifüruşi-Bəğdadinin adına Rəştə göndərdim. Xudahafiz. Cəlalüddövlə * * * “Kəmalüddövlə məktubları”nın mülhəqatı “Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir. * * * Birinci məktub Mənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm. Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz. *İkinci – bu nüsxədən istəyən və hər xüsusda e’timada layiq olan şəxslərə bir nüsxə verməlisiniz. Üçüncü – e’tiqadınızca elmdə qüvvətli olanlara təklif etməlisiniz ki, bacarsalar Kəmalüddövlənin, istər politika işlərinə və istərsə də dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar görək bu fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi budur. Lakin kritikada nəqli və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və iltifata layiq görülməyəcəkdir. Dördüncü – tənqid yazmaq bacarığı olmayan şəxs, heç olmasa nüsxənin mütaliəsindən aldığı təəssüratı yazıb, Sizin vasitənizlə mənə göndərsin ki, müəllifinə bildirim. Bundan başqa, nüsxənin müəllifi haqqında cənabınıza müxtəsərcə bir neçə kəlmə yazmaq lazım gəlir. Bu kəramətli adam, bir sıra əsərlərin sahibi, vətənpərvər və millətini sevən bir şəxsdir. “Kəmalüddövlə” nüsxəsini yazmaqda onun heç bir şəxsi qərəzi yoxdur. Bu səbəbə görə ki, onun nə vətəni olan İrana və nə də həmdini olan islam millətinə, Allah göstərməsin, heç bir kini yoxdur. Hal-hazırda bütün Avropada və Yengi Dünyada bu məsələ qarşıda durur ki, aya, batil əqidələr, yə’ni dini e’tiqadlar ölkənin və millətin xoşbəxtliyinə səbəb olur, yoxsa ölkənin və millətin zillətinə? Bu qit’ələrin bütün filosofları, dini e’tiqadların, ölkə və millətin hər xüsusda zillətinə səbəb olması fikrində müttəfiqdirlər; hətta onların ən məşhuru son ingilis filosoflarından olub da, əsərləri dünyada tanınan və hər kəs tərəfindən bəyənilən Bokl, bu əqidədə o birilərinə nisbətən daha irəlidə gedir. Onun dəlillərindən biri budur ki, İspaniya, yə’ni Əndəlis milləti və Şved milləti və Papaya tabe olan Rim milləti dini e’tiqadlara bağlandıqları və keşişlərin və əfsanəçilərin sözlərinə qulaq asdıqları üçün elm və sənətlərdə gündən-günə tənəzzülə üz qoyurlar. Amma Avropanın başqa millətləri, xüsusən ingilis, Fransa və Yengi Dünya millətləri dini e’tiqadların qeydindən azad olaraq, əql və fəlsəfəyə peyrəvlik etdiklərindən, elm və sənayedə günbəgün, saatbasaat tərəqqi etməkdədirlər. Onların elmləri sayəsində dünyada qəribə ixtiralar və insan övladının xoşbəxtlik və asayişinə səbəb olan maraqlı yeniliklər meydana gəlmiş, elm və mə’rifət vasitəsi ilə Avropa əhalisi tərəqqi etmişdir. Bu filosof deyir ki, kamil adam və insan övladının dostu həqiqət sirrilərinin kəşfində və dini e’tiqad əsaslarının məhv edilməsində, mal və can qorxusu çəkməyən ağıllı adamdan ibarətdir. Belə bir ağıllı adam hər necə olursa olsun, din və məzhəblərin həqiqiliyi haqqında insanların fikrində yalnız bir şübhə oyatmalıdır. Ondan sonra fikrin özü fəaliyyət edib yavaş-yavaş həqiqəti anlayacaq və sahibini cəhalət qaranlığından bilik işıqlığına çatdıracaqdır. “Kəmalüddövlə”nin müəllifi də Avropa filosofları əqidəsindədir, yə’ni liberal və proqress məsləki sahiblərindən və sivilizasyon taliblərindəndir. Məqsədi budur ki, onun millətinin arasında dəxi əhalinin bütün siniflərində elm və sənətlər intişar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı daxilində bir neçə vəsiləyə əl atmışdır ki, islam yazısını dəyişdirmək də o vəsilələrdən biridir. O, öz millətinin ürəyi tarlasında qeyrət, namus, xəlqpərvərlik, vətənpərəstlik, ədalət və bərabərlik toxumu əkilməsini və nifaqın birliyə çevrilməsini və millətin arasından zillət və fəqirliyin rəf’ olmasını, onun sərvət və dövlət qazanmasını istəyir. Lakin bu məqsəd, arzu, insanların həqiqəti görən gözünə pərdə çəkib onların dünya işlərində tərəqqi etmələrinə mane olan dini e’tiqad əsasları məhv edilmədikcə, müyəssər ola bilməz. Buna görə də əqidəsinin tələbinə görə öz mə’lumatını qələmə almışdır. “Kəmalüddövlə” nüsxəsinin yazılmasının səbəbi də ancaq budur. Yoxsa başqa bir məqsəd nəzərdə tutulmamışdır. Əgər bu nüsxənin mətləbləri bə’zi şəxslərin nəzərində ölkə və millətin zərərinə səbəb görünürsə, onları olmamış kimi hesab edə bilərsiniz. İnsanların bəsirətsizlik və mə’rifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar, İran torpağında nə fitnə və nə qarışıqlıqlar törətmişlər və bu məmləkətin əhalisinin evlərinin xərabəyə dönməsinə səbəb olmuşlar. Belə ki, bu son vaxtlarda da İranda Babın dini tərəfdarlarından fitnələr törənmişdir. Və elə qan tökülmüşdür ki, izahı bu xülasəyə sığmaz. Nə vaxta qədər biz zavallılar, bu kimi nəfspərəst, qərəz sahiblərinin oyuncaqları olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq. Qərəz sahiblərinin hər cür boş sözlərindən avropalıların ziddinə olaraq cuşa gəlirik. Bu gün onların arasında bir şəxs peyğəmbərlik, yaxud imamlıq iddiası ilə meydana çıxaraq, qədim əsrlərin peyğəmbərləri və imamları kimi əhalini də’vətə başlarsa və özünə mö’cüzələr, xariqələr, kəramətlər isnad edərsə, onu haman saat, ya dəlilərdən sayaraq müalicə üçün dəlixanaya göndərərlər və yaxud əgər adamaldadanlar və şarlatanlar silkindən isə, onu cəzalandırarlar *. *“Kəmalüddövlə”nin müəllifi deyir ki, zamanın keçməsi ilə əlaqədar olaraq, bu əsrdə behişt və hurinin nəzərlərdə o qədər də cilvəsi yoxdur ki, insanlar onların arzusu ilə canından keçməyə rağib ola, güclü düşmən müqabilində özlərini qurban verələr, bununla da millət və dövlət qüdrətini və şövkətini saxlayalar. Belə olduqda, millətin ağıllıları bu əsrdə gərək milli qüdrət və vətənin biganə xalqlardan qorunması üçün azadlıq və istiqlaliyyətin əldən alınması və əsarət kimi bir zillətin ki, bu aləmi-həvadisdə ola biləcəyi yəqinə yaxındır, rədd edilməsi tədbirlərində olsunlar. Bu növ zillətin rədd edilməsi tədbiri fəqət millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millətpərvərlik və vətənpərvərlik toxumunu əkməklə mümkündür. Necə ki, hal-hazırda Avropanın qüdrətli millətləri bu sifətin sahibidirlər. Ərəblər bizim min illik səltənətimizi yıxdılar, şə’n və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabdan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır. Üstəlik bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. Bu qövmdən bizə elə müsibətlər gəlmişdir ki, bəsirət sahibi olan adam onların zikr olunmasından ağlar. Bu qövmün qabaqcılları sağ olduqları zaman biz onların qılıncının qorxusundan onlara itaət etməyi qəbul etdik. Hal-hazırda onlar ölüb torpağa döndüyü halda, genə onların ölülərinə qul olmaqla fəxr edirik. Görün bizim əhməqliyimiz və kütlüyümüz nə dərəcədədir! Əhalisi şiəməzhəb olan bir çox şəhərlərdə adamlar məhərrəm ayı tə’ziyəsi zamanında sinə döymək, zəncir vurmaq kimi və Heydəri, Ne’məti davaları və başa kül və torpaq səpmək və bu kimi bir çox səfeh hərəkətlərdən əlavə, öz bədənlərini qılınc və xəncərlə yarala-yaraq qana batırır və bu cür divanəlikləri ilə guya aşura gününün böyüklüyünü artırır və bu ərəblərin ölülərinin məhəbbət və iradətində mal və candan keçməklə iftixar eləyirlər. Bir kimsə onlara deməyə cəsarət etmir ki: ey əhməqlər, özünüzə övliya saydığınız bu ərəblərin öz həmcinsləri, bəlkə qohum və əqrəbaları belə sağ ikən, onlara heç bir böyüklük verməmişlər və onları öldürərək, ailə və uşaqlarını şiddətli zillət və rüsvayçılıq içərisində əsir aparmışlar və bu növ hərəkətdən heç bir qoruxuları olmamışdır, sizə nə düşmüşdür ki, min iki yüz səksən il sonra, öz işinizdən əl çəkərək dəlicəsinə onların matəmdarlığını edirsiniz? Bu növ səfehlik və əhməqlik savadsızlıqdan və elmsizlikdən irəli gəlir ki, bunun da səbəbi bizim hazırkı yazımızın çətinliyidir. İndi, “Kəmalüddövlə” müəllifinin təlaş və arzusunun hədəfi heç olmazsa, öz millətini, o qövmdən bizə yadigar qalan rədd olunmuş və murdar yazının əlindən xilas edib millətini cəhalət qaranlığından mə’rifət işığına çatdırmaqdır. Əgər bu arzusuna nail olursa, nə qədər xoşbəxt olacaq və dünyadan kamına çatmış gedəcəkdir. *Ərəblərin yazısı sayəsində cəhalətdə qalaraq onlardan dərd çəkən yalnız müsəlmanlar deyil, bəlkə dünyanın bütün millətləri bu günə qədər bu zalımlardan şikayət edirlər ki, Misir kitabxanasını yandıraraq qədim elm və fənləri dünyadan yox etdilər. Səbəbi aydındır, çünki islam dininin müəssislərinin və qüvvət verənlərinin avam aldatmaqlarının əsası doğruluq şəklində qələmə verdikləri xalis bir yalan idi. Bu cəhətdən xalqın nəzərində elmlərin qüvvəti ilə onların yalanlarının üzərindən pərdənin qalxmasını istəmirdilər. Necə ki, Həsən Səbbah daima öz tabe’lərini tə’lim almağa və elm kitablarını oxumağa qoymurdu. * * * İkinci məktub Hörmətli qardaşım! İqbalınız daimi olsun! Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm: Min iki yüz səksən ildir ki, biz din, məzhəb, e’tiqad və iman ilə yaşayırıq, get-gedə halımız yamanlaşır, get-gedə saysız-hesabsız müsibət və bəlalara düçar oluruq; bir qədər də imtahan üçün dinsiz, məzhəbsiz, e’tiqadsız və imansız olub, mə’rifət və hikmətlə yaşayaq, görək halımız daha yaman olar, yoxsa daha yaxşı? Əgər daha yaman olarsa, keçmiş əqidələrimizə qayıtmaq üçün heç bir maneə yoxdur. Biz İran əhliyik, hər kəs bizi dinə tərəf çəkərsə, ona tabe olmağı əsirgəmərik. Məgər görmədinmi ki, bu yaxınlarda az qaldı hamımız islamiyyəti tamamilə tərk edərək, babi-məzhəb olaq? Dinsiz olmaq və elm sahibi olmaq bizim üçün çətindir. Əfsanə dalınca yüyürmək və əfsanə deyənlərə qul olmaq bizim təbii adətimizdir. Zarafatı bir tərəfə qoyaq. Genə həmvətənlərimdən bir qismi deyəcəklər ki, ərəbləri tamamilə elm və fənn düşməni saymaq olmaz. Bağdadda, Əndəlisdə, Abbasi və Əməvi xəlifələri elm və sənətləri rəvaclandırmağa çox əhəmiyyət vermişdilər, onların bu növ işi necə inkar edilə bilər? Bəli, doğrudur, bu məsələdə -dür. Ərəblər hicrətin əvvəllərində misirlilərin və parsilərin bütün elmlərini aləmdən yox etdilər. İki-üç yüz il sonra öz işlərindən peşiman oldular. Fövt etdiklərini ödəməyə girişdilər. Lakin heyhat... heyhat... Tələf etdiklərini ödəmək mümkün deyildi. Xəlifələrin elmləri rəvaclandırmaları da ümumi olmamışdır. Xəlifələr əsrinin elmləri bir neçə xüsusi mədrəsəyə məhdud və münhəsir idi. Bütün xalq maarif işıqlarından məhrum idi. Biz deyirik, əgər ərəblər zühur etməsəydilər, Afrika və Asiyaya müsəllət olmasaydılar, bu ölkələrin elmlərini Quran xatirinə və öz dilləri xatirinə yelə verməsəydilər, bu gün bu ölkələrin xalqları sivilizasyon və mə’rifətli xalqlar sırasında olar və yer üzünün xoşbəxtlərindən hesab edilərdilər. İslam xəlifələri tərəfindən bə’zi elm və sənət növlərinin rəvaclanmasında göstərilən hümmətin faydası, Əmr-As, Sə’d-Vəqqas və Tahir tərəfindən Misirdə və İranda elmlərə vurulan ziyan müqabilində göl yanında bir damcı su kimidir. *Bununla birlikdə bu keyfiyyəti də unutmamaq lazım gəlir ki, əsl elmlərin yaranıb doğulması ərəblərdən deyil, qədim yunanlardan, vizantiyalılardan, farslardan və hindlilərdəndir. Qədim elmlər miladi tarixinin ortalarında xristianlar arasında yatmış halda idi. Nəhayət, ərəblər bu elmləri oyandırdılar. Sonradan özləri yenə onlardan məhrum oldular. Xristianlar isə onların rəvaclanmasına, təkmilinə səbəb oldular *. Nə isə, olan olub, keçən keçibdir. Bundan sonra heyfsilənməyin faydası yoxdur. İndi bizə təsəlli verə biləcək şey budur ki, öz təklifimizi anlayaq və düşünək ki, min iki yüz səksən ildir ki, yanlışlıq içindəyik. Artıq bundan sonra özümüzü ərəblərin ölülərinə qul saymayaq. Öz yaxşı dədə-babalarımızın yadigar və qalıqlarına tərəf nəzər salaq. Bizim padişahlarımız və onların dövlətlərinin övliyası və bütün İran ölkəsi evladları, qardaşlıq və həmvətənlik təəssübü ilə İran zərdüştilərini evlad kimi saysın, onların vəziyyətlərinin yaxşılaşmasına çalışsınlar və bundan sonra heç kəsə onlardan bir nəfəri belə bizim özümüzün bizar olduğumuz islam dininə keçirilməsinə yol verməsinlər. Ta bu mələk xasiyyətli xalqın toxumu aləmdən kəsilməsin. Onların mühacirləri, hər tərəfdən yenə öz cənnət nişan vətənlərinə qayıtsınlar və İran padişahlarının himayəsi sayəsində xoşgüzəranlıqla yaşasınlar. Mənim kəramətli qardaşım! Sən Tehranda zərdüştilərlə təkrar-təkrar görüşürsən. Mənim dilimdən onlara de ki: ey zərdüştilər, ey bizim qardaşlarımız, həmvətənlərimiz, həmcinslərimiz, dildaşlarımız, bilmirik sizdən hansı dillə üzr istəyək ki, bu günə qədər biz anlamadan öz mal və canımızın, vətənimizin düşmənlərinə, yə’ni ərəblərə göstərdiyimiz tərəfdarlıq və iradət üzündən sizin haqqınızda cürbəcür müsibətləri və bəlaları rəva görmüşük. Hal-hazırda Kəmalüddövlə cəhalət pərdəsini bizim gözümüzün qabağından atdı və həqiqət sirlərini bizə açdı. Öz işimizə min-min təəssüf edirik. Bundan sonra sizə qarşı qardaşdan və atadan daha mehriban olacağıq və öz təbiətlərimizdə sizin və sizin ata-babalarınızın gözəl əxlaqlarını təqlid edəcəyik. Peymani-Fərhəngi, məhbadilərin qanunlarını və zərdüştilərin dinini İranda diriltməyi öhdəmizə ala bilmirik; çünki bu peyman, bu qanunlar və bu din öz ömrlərini bitirmişdir. Amma sizin və bizim babalarımızın əxlaqlarına yeyələnməyi öhdəmizə alırıq. Bundan sonra sizi öz qardaşlarımız sayacağıq və sizi özümüzdən ayrı bilməyəcəyik; çünki ancaq bu gün anladıq ki, biz parsilərin evladlarıyıq, bizə yolkəsən ərəblərin təəssübü deyil, parsilərin təəssübü vacibdir; yə’ni din təəssübü fərz deyil, vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir. Necə ki, avropalıların adətidir, dini puç sayırlar, vətən və el təəssübünü qeyrətlilik əlaməti və şərəf qazanmaq səbəbi bilirlər. Bundan sonra hətta bizim lotularımız və şərirlərimiz sizin haqqınızdakı rəftarlarını dəyişdirəcək və sizə qardaş kimi mehriban və səmimi olacaqdırlar. Əgər İranda Avropa teatrları kimi tə’ziyə məclisləri də bərpa edərsək, yadların müsibətlərini deyil, sizin müsibət və bəlalarınızı nəzm və nəsrə çəkərək zikr edəcəyik. Sizin uşaqlarınıza mədrəsələrdə tərbiyə verib, onları padşahlıq xidmətinə qoyacayıq və onlara mühüm işlər tapşıracayıq və onlara bütün məmləkətin hər tərəfində hökumət verəcəyik ki, öz sələflərinin gözəl xasiyyətlərinə uyğun olaraq əlaltıları haqqında insaf və ədalətlə hərəkət etsinlər və vətənpərvərlikdə, padişahpərəstlikdə, cəfaya adət etməkdə, zəhmət çəkməkdə müsəlmanlara örnək olsunlar; haqlarında belə söylənilən sələflərin nəslindən olduqlarını bütün dünyada isbat etsinlər *: *Mənim kəramətli qardaşım! Sən təəccüb etmə ki, mən parsilərə bu qədər gözəl sifətləri isnad edirəm. İnkar edilə bilməz ki, parsilər və zərdüştilər və İranın bütün farsdilli müsəlmanları fitrətən hüsn-əxlaqda və hərəkətlərində bütün millətlərin qabaqcıllarıdır. Onların xoşnəfsliyində, xoşəxlaqlığında, itaətkarlığında, ixlaskarlığında və padşahpərəstliyində bu dəlil kafidir ki, bu sayılan sifətlərin vasitəsi ilə ərəblərin qələbə dövründə despot padşahların əlinə düşmüş, bu günə qədər padşahların və onların mürüvvətsiz amillərinin cürbəcür cövr və sitəmlərinə qatlaşıb səbr etmişlər və qətiyyən dünyanın o biri millətləri kimi azadlıq fikrində deyildirlər. Bilxassə bu gün Yer kürəsinin bütün ölkələrində despotizm tərzində hakimiyyət ya tamamilə aradan qaldırılmış, ya az-çox dəyişdirilmişdir. * * * Üçüncü məktub Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin. Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar. Məsələn, insan əqli, əqli elmlərin qüvvəti ilə bizim peyğəmbərin göyə getməsini, Ayı ikiyə ayırdığını qəbul etmir; lakin bizim din rəhbərlərimiz və imamlarımız deyirlər: əqlin təhqiq və hökmünə e’timad etməməli, həqiqət budur ki, səhabə təsdiq etmiş və bizə də ağızdan-ağıza çatmışdır. İslam tayfaları təsəvvür etmədən və düşünmədən onların fikirlərini mö’təbər sayırlar və bu növ işlərdə qətiyyən əqli hakim tanımayırlar. Beləliklə, bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada, istərsə Avropada insan ağlı əbədi zindandan tamamilə xilas edilib, işlər və fikirlərdə nəql deyil, yalnız insan əqli sənəd və dəlil hesab edilib hakimi-mütləq olacaqdır. Mənim kəramətli qardaşım! Osmanlı və İran məmləkətlərinin əhalisi əksəriyyətlə islam tayfalarıdır. Sən onların dininə sataşmamalısan və onlara deməməlisən ki, sizin e’tiqadınız batildir, siz azğınlıq içindəsiniz, filan və filan e’tiqadı qəbul etməlisiniz. Doğru yola çağırmaq, yol göstərmək və tə’lim etmək üsulu belə deyildir, sən belə mülayim olmayan üsulla özün üçün min cür düşmən və bədgu qazanacaqsan və öz məqsədinə də nail olmayacaqsan. Onlardan hər biri tərslik və inad ucundan sənin fikrini və sənin dəlillərini puç sayacaqlar və sənin zəhmətin boş və yersiz olacaqdır. Sən onların dinini bir tərəfə burax və onların batil olması haqqında heç bir söz söyləmə və onları irşad etməyi belə başla. *Bizdən qədimkilər tarixlərdə bu dünyanın vücuda gəlməsini yeddi min il sayırlar. Amma bu gün qəti dəlillərlə dünyanın vücuda gəlməsi tarixinin min milyon ildən də çox olduğu bizə isbat edilmişdir və “əhli-kitab” dinlərindən əvvəl bütpərəstlik, atəşpərəstlik, brəhmənlik, yunanlıların çoxallahlılıqları və sairə bu kimi bir çox batil dinlər dünyada zühur etmişdir. İnsan əqli heyrətdədir ki, görəsən nə səbəb üzündən xudavəndi-aləm “əhli-kitab” dinlərinin zühurundan əvvəl bir neçə min cürbəcür batil dinlərin saxlanılıb bərqərar qalmasına yol vermişdir? Bu heyrətin təsəvvüründən insan əqli, istər-istəməz xudavəndialəmin o batil dinlərin zühurunda və davam etmələrində qətiyyən müdaxiləsi olmadığına hökm edəcəkdir. Bəlkə onların cümləsini zirəng və rəyasət arzusunda olan insanlar, öz məqsədlərinə çatmaq üçün yaratmışlar. *Qədim dinlərin batilliyi islam dininə tabe olanlar üçün aydın və sabit olduğu zaman, ixtiyarsız olaraq öz dinlərini də onlardan qiyas edəcəklər və anlayacaqlar ki, əgər dünyada haqq din lazımsa, nə üçün Musa zamanına qədər keçən bu qədər min illər içərisində xudavəndialəm, haqqa də’vət üçün peyğəmbər göndərmədi ki, batil dinləri yer üzündən silsin?! Məgər o zamana qədər bu dünyanın və bu bəndələrin ona təəllüqü yox idi? Yaxud o zamana qədər yuxudamı idi, sonradan oyanaraq batil dinlərin onun dünyasını murdarladığını gördü və o vaxt peyğəmbərlər və göy kitablarını göndərmək fikrinə düşdü? * Mənim kəramətli qardaşım! Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir ki, biz daima iki zidd qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymışaq. Halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, birisi e’tiqad. Məsələn, elm hökm edir ki, birinci Napolyon olmuş, Moskvaya da getmişdir və sonra filan və filan olmuşdur. Bu xüsusda qətiyyən başqa e’tiqad lazım deyildir, çünki qəziyyə qəti elmə istinad edir. Dəlil və sübuta ehtiyacı olmayan və yaxud dəlil və sübutu qəti olan hər qəziyyə – elmdir, e’tiqada dəxli yoxdur. O biri tərəfdən, din övliyalarının xəbərlərinə istinadən biz həzrəti Musanın Tur dağına getməsinə, pərvərdigari-aləm ilə söhbət etməsinə və öz əsasını daşlara vurmasına və çeşmələrin axmağa başlamasına və s. bu kimi şeylərə e’tiqad edirik... Bu qəziyyə dəlil və sübuta möhtacdır və əgər dəlili olsa da, heç bir surətdə qəti ola bilməz; bu təqdirdə biz bu qəziyyəni elm saymamalıyıq, bu qəziyyəni ancaq e’tiqad deyə adlandıra bilərik və elm üzündən deyil, e’tiqad üzündən ona inana bilərik. Lakin bizim dinimizin övliyaları bu növ qəziyyələri də elm növlərindən saymaqdadırlar. Necə ki, deyirlər: “elmi-təfsir”, “elmi-əhadis”, “elmi-kəlam” və onun misalları və ondan sonra fizika, matematika, coğrafiya, astronomiya və onun misallarını da elmdən sayırlar. Sanki əvvəlkilər də sonrakıların tayı imiş. Halbuki bu sonrakıların əvvəlkilərdən fərqi günəşdən də aydındır. Biz əvvəlkiləri e’tiqad işlərindən və yalnız sonrakıları elm işlərindən saymalıyıq. Mənim kəramətli qardaşım! Bunu bilməlisən ki, hər din üç müxtəlif əməldən ibarətdir: e’tiqad, ibadət və əxlaq. Hər dinin icad olunmasından əsl məqsəd üçüncü əməldir. E’tiqad ilə ibadət, bu əsl məqsədə görə təfərrüatdır. İnsanın gözəl əxlaq sahibi olması üçün lazım görürük ki, xəyalən gözəl əxlaq sahibi, əzəmət, cəlal sahibi, qüdrət və rəhmət sahibi, tə’zim və sitayiş icad etdirən bir varlıq fərz edək və öz əxlaqımızı onun əxlaqına oxşadaq, bu növ varlığı biz pərvərdigari-aləm və kainatı yaradan deyə adlandırırıq. Bu cür varlığı fərz etdikdən və tə’zim və sitayişə layiq saydıqdan sonra, ona tə’zim və sitayiş üsullarını icra etməyi lazım bilirik: namaz, oruc, zəkat və bu kimilər. Bu cür varlığı fərz etdikdən və onun haqqında tə’zim və sitayiş üsullarını həyata keçirdikdən sonra onun rəhmətinə ümid bəsləməyi və onun qəzəbindən qorxmağı lazım sayırıq. Belə bir varlığın rəhmətinə ümid bəslədikdən və onun qəzəbindən qorxduqdan sonra, onun gözəl əxlaqı ilə əxlaqlanmağı və qətiyyən günah iş görməməyi lazım bilmişik ki, onun rəhmətinə layiq olaq və onun qəzəbinə səbəb olmayaq. *Bu təqdirdə əgər biz tə’zim və qulluğu icad etdirən bir varlıq fərz etmədən gözəl əxlaq sahibi olmaq üçün bir vəsilə taparsaq, o vaxt e’- tiqad və ibadatdan ibarət olan iki fər’ lazım olmaz. Avropa və Yengi Dünya məmləkətlərinin çoxunda elmlərin yayılması insanları hüsni-əxlaq qazanmaq cəhətindən, hər dinin iki şərti olan e’tiqad və ibadatdan azad etmişdir. Lakin Asiyada elmlər inkişaf etməmişdir və bu cəhətdən də iki fər’ hədsiz-hesabsız qollar və əlavələr meydana çıxarmış və əsl məqsədə elə bir şiddətlə qələbə çalmışdır ki, bunların sayəsində elmlərin intişar yolu tamamilə qapadılmışdır. *Mənim kəramətli qardaşım! Bu məktubda keçmiş iki məktubdakı bütün mətləbləri “Kəmalüddövlə” müəllifinin şifahi təlqinlərindən öyrənib sənə yazmışam. Bunu mö’təbər sayacağınıza ümidvaram. Müəllifin təlqinlərindən biri də varlığın səbəbi və onun batilliyi dəlilidir ki, onu da bu sonuncu məktubda yazmağa başlayıram. *Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Bu bir əqidədir ki, onun vasitəsi ilə şəriətçilər naturalist filosoflara qarşı Allahın isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə naturalistlər cavab verirlər: Bu halda səbəbin özü də bir varlıq olmaq e’tibarı ilə başqa səbəbə möhtac olur; o başqa səbəb də eyni surətdə, nəticə nəhayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyildir. Çünki ağılın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə əmələ gələr. O halda ağlın hökmünə görə hər bir varlığın səbəbə möhtac olması haqqında şəriətçilərin gətirdikləri dəlil yanlışdır. Doğrudan da varlığın səbəbə möhtac olması haqqındakı dəlillərin zəifliyi gün kimi aydındır. Naturalistlər şəriətçilərə deyirlər: Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz gərək bir yerdə dayanıb e’tiraf edəsiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, səbəbsiz varlıq ola bilər. O halda biz nə dəlil ilə təsdiq etmirik ki, həmin səbəbsiz vücud görünməyən, şübhəli və mövhum varlıq deyil, elə bu görünən və hiss olunan kainatın özüdür? Və siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. Belə olduqda, incəlikləri düşünən ağılın göstərdiyi kimi kainatın öz varlığında dayanmağımız layiq deyilmidir? Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, çarəsizlikdən cavab verirlər: Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır (mümkünül-vücud) ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi varlığı vacib olandır (vacibül-vücud) ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin biz varlığı mümkün olan kainatda durmuruq; çünki ona səbəb lazımdır. Bəlkə cənab Allahdan ibarət olan varlığı vacibdə dayanırıq ki, varlığı mümkün olanın səbəbidir, amma özünün səbəbə ehtiyacı yoxdur. O halda bu dəlil ilə yaradanın varlığını sübut etmək çətin olmaz. Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saymaq olardı. Baxaq görək şəriətçilər nəyə əsasən varlığı mümkün və vacibə bölürlər? Onlar deyirlər: Biz əşyanı səbəbə möhtac görürük; məsələn nütfə doğurana möhtacdır və toxum ağaca möhtacdır. Elə isə bu əşya məcməi olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır ki, səbəbə ehtiyacı olmasın, o da varlığı vacib olanın vücududur ki, öz varlığında başqa bir varlığa möhtac deyil, lakin özü varlığı mümkün olana ki, bu kainatdan ibarətdir, səbəbdir. Biz bu varlığı vacib olanda dayanaraq onu Allahdan başqa bütün varlığın səbəbi saymalıyıq. Naturalistlər bu e’tiqadı aşağıdakı dəlilə əsasən e’tibardan salırlar. Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o, ancaq bir növdən başqa bir növə, bir haldan başqa bir hala keçməsində səbəbə möhtacdır; məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsinə doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıq dedikdə məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır, heysiyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yə’ni bütün çoxluqların maddəsinin cameidir və çoxluqları öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyyəti vacibül-vücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və səbəbə ehtiyacı yoxdur, kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə möhtac olmasını düşünmək düzgün deyil, əks təqdirdə silsilələnmə göz qabağındadır. Həqiqət bu söylənənlərdir. Bu əqidənin sahiblərini ateist, yə’ni Allahı, din və imanı inkar edənlər adlandırırlar. Bir çox şəxslər məktubların müəllifini məzəmmət edirlər ki, dünyada dinsizlik və imansızlıq, axirətdən və əbədi xoşbəxtlikdən ümidsiz olmağa bais olur və deyirlər ki: məgər dünya həyatından nəsibimiz ancaq həmin bu beşgünlük məişətmidir? Nə etməli? Müəllifin nə təqsiri var ki, din və imanla elm və fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan adam, alim və filosof sayıla bilməz, əgər elm və fəlsəfə sahibi olursa, dindar və mö’min ola bilməz. Din və iman talibi olan kimsə gərək qətiyyən mərifət dairəsinə yaxınlaşmasın və mərifət talibi olan kimsə istər-istəməz və ixtiyarsız olaraq din və imandan uzaq olmalıdır *. Bir tərəfdən, islam dini övliyaları bizim axirət həyatı və əbədi xoşbəxtlikdən məhrum olmamağımız üçün din və imanı tərk etməməyi tam şiddətlə tə’kid edirlər. O biri tərəfdən, Avropa alim və filosofları fəryad edirlər ki, biz bərbəriyyət vəhşilik və cəhalət aləmindən çıxaq, elm təhsil edək və sivilizasyon qazanaq. Əgər islam dini övliyalarının sözünü dinləsək, elm və sivilizasyon işıqlarından məhrum olarıq; necə ki, məhrum qalmışıq. Və əgər Avropa alim və filosoflarının sözünə qulaq asıb elm və sivilizasyon dairəsinə qədəm qoymaq və barbarlıqdan, vəhşiyyət və cəhalətdən nəcat tapmaq istəsək, o vaxt dinimizə və cənnət hurilərini görmək həsrəti ilə bəslədiyimiz şirin arzularımıza əlvida! *Yə’ni belə olduqda, axirət dünyası həyatı və daimi səadət ümidi öz-özünə silinib gedir. Xoş o adamın halına ki, bu iki bir-birinə zidd haləti öz zatında birləşdirə bilir. Lakin bu işin imkanı qeyri-mümkündür. Bu günə qədər biz din başçılarının sözünə üstünlük vermişik və hicrətdən ta bu günə qədər din və iman xatiri üçün elə şəni’ işlər görməkdəyik ki, onları zikr etmək dəhşət doğurur; kitabxanaların yandırılması, qan tökmək və s. bu kimi. Biz öz din-imanımızı və bunların nəticəsi olan bərbəriyyət və vəhşilik və cəhalətimizi saxlamışıq. Əgər bundan sonra da bu halda qalmağı lazım bilsək, o vaxt bizim halımız hərgiz dəyişməz, biz tərəqqi edə bilmərik və gözəl əxlaq əldə etmək bizim üçün çətin olar. *Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Bəlkə müəllifin məqsədi islam dininin əsr və zəmanəyə müvafiq olaraq protestantizmə möhtac olduğunu göstərməkdir. Elə kamil bir protestantizmə ki, o tərəqqi və sivilizasyon şərtlərinə müvafiq olsun, bəşərin hər iki cinsinin azadlıq və hüquq bərabərliyinə qərar versin, öz siyasi tədbirləri ilə Şərq padişahlarının despotizmini yumşaltmasın və kişili-arvadlı bütün islam tayfasının savadlı olmasını vacib etsin *. * * * == Fəlsəfi, ədəbi-tənqidi və tarixi məqalələr == [Həkimi-ingilis Yuma cavab] Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir. Məsələ budur: Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Bu bir əqidədir ki, hər millətin şəriətçiləri filosoflara qarşı üluhiyyətin isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə filosoflar cavab verirlər: Bu halda səbəb də öz-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazım gəlməlidir; o başqa səbəb də eyni surətdə, nəticədə nəhayətsizdir. Bu keyfiyyət isə ağılabatan deyildir. Çünki ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə lazım gəlir. O halda ağlın hökmünə görə hər varlığa səbəb lazım olması xüsusda şəriətçilərin gətirdikləri dəlillər yanlışdır. Doğrudan da şəriətçilərin, səbəbiyyəti sübut etmək barəsindəki dəlillərinin zəifliyi gün kimi aydındır. Filosoflar şəriətçilərə deyirlər: Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz bir yerdə duraraq e’tiraf etməlisiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə isə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, vücud səbəbsiz ola bilər. O halda biz nə dəlil ilə təsdiq etmirik ki, o səbəbsiz vücud yaradıcı ləqəbi ilə mə’ruf olan, mövhum və şübhəli vücud deyil, bu görülən və hiss edilən kainatın özüdür? Pəs, ey şəriətçilər, siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki, bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. O halda, aya, incəlikləri sezən ağlın fitvası ilə bu kainatın öz varlığında dayanmağımız layiq deyildirmi? Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, istər-istəməz cavab verirlər: Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi, vacibülvücuddur ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin varlığı mümkün olan bu kainatda durmuruq, çünki ona səbəb lazımdır, bəlkə vacibül-vücud cənab Allahda, – ki varlığı mümkün olanın səbəbidir, amma özünə səbəb lazım deyildir, – dayanırıq. O halda bu dəlil ilə üluhiyyətin və yaradanın sübutu çətin olmaz. Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saya bilərdik. Şəriətçilərin nəyə istinadən varlığı mümkün və vacibə böldüklərini mülahizə edək. Şəriətçilər deyirlər ki, biz əşyanı səbəbə möhtac görürük; məsələn, nütfə doğurana möhtacdır, toxum ağaca möhtacdır. Elə isə bu əşya toplusu olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır, o da vacibül-vücuddur. Bu mə’nada ki, öz varlığında başqa varlığa möhtac deyildir; bəlkə onun özü bu kainatdan ibarət varlığı mümkün olanın səbəbidir. Bu vacibül-vücudda dayanaraq onu Allahdan başqa hər şeyin səbəbi saymalıyıq. Filosoflar bu e’tiqadı bu dəlil ilə e’tibar dərəcəsindən salırlar. Ey şəriətçilər! Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o ancaq bir növdən başqa bir növə, bir haldan ayrı bir hala keçməsində və növləşməsində səbəbə möhtacdır. Məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsində və növləşməsində doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır! – heysiyyətincə tamamilə yoxluğun ziddidir, külli-varlıq heysiyyətincə kamil və əhatəedicidir; yə’ni maddeyi-kəsəratın cəmedicisidir. Kəsərat isə öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. O halda əşyanın mahiyyəti vacibülvücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə lüzumu yoxdur və kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə də möhtac olmasını düşünmək olmaz. Əks təqdirdə silsilələnmə göz önündədir. Vahid və vacib bir varlıq olan əşyanın mahiyyətinə, yoxluq nə sibqət etmişdir, nə də onun sonu olacaqdır. Əşya mahiyyətinin nə əvvəli var, nə də sonu olacaqdır. Amma onun çoxluqdakı növləşmə və dəyişmələri dənizin mədd və cəzri kimi sonsuz bir şəkildə görünür və müşahidə olunur. Bu dəlili eşitdikdən sonra şəriətçilər filosoflarla mübahisələrində sükut edib heyrətlərindən mat və mütəhəyyir olarlar. * * * [Molla Ələkbərlə mübahisə] Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti. Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək + məqsədi ilə olunan ibadət batildir”. Ğəzali də “Ehyaül-ülum”da demişdir ki: “İxlas, bəndənin ibadət vaxtında bütün həzz və arzuları unutmasından ibarətdir”. Bəhai ilə Ğəzalinin hər ikisinin sözlərinin mə’nası, “Bizi əlindən qəzəbləndiyin azmış adamların yolu ilə deyil, düz yol ilə, ne’mətini gözlədiyin adamların yolu ilə apar” ayəsinin və qunut duası olan: “Ey Allahımız, dünya və axirətdə bizə yaxşılıq ver və bizi cəhənnəm əzabından saxla” ayəsinin mə’nasına ziddir; çünki hər iki ayədəki məqsəd şəxsi mənfəəti güdmək və zərəri özündən dəf’ etməyi tələb etməkdir. O səbəbə görə də, biz “Əlhəmd”də Allahın qəzəbinə tutulanları deyil, salehləri o yola çatdırdığı kimi ne’mətə yetişdirəcək və qəzəbdən xilas edəcək yola çatmamızı istəyirik. Qunut duasında da dünya və axirətdə yaxşılığı və cəhənnəm əzabından qurtulmağı istəyirik. Bu təqdirdə Bəhainin və Ğəzalinin dediklərinə görə bəndələrin ibadətinin batilliyi aydıncasına sübuta yetir və eyni surətlə bu, imam əleyhissəlamın sözünə görə də batil olur; çünki ibadət edən, günahına görə deyil, ibadətinə görə həlak olur, o livat və zina etmir, bəlkə Allah üçün ibadət edir; buna görə də o, abid ləqəbini almışdır. Bu surətlə, həlak olmasına da başqa səbəb yoxdur. Aya, bu bizlərə gecə-gündüz namaz qılmağı və hər il ramazan ayını oruc tutmağı əmr edən şəriətçilərlə yuxarıda zikr edilən hükəmanın rə’yləri arasında ziddiyyət deyil, bəs nədir? Burada hükəmadan məqsədimiz Bəhai, Ğəzali və imam əleyhissəlam, şəriətçilərdən də məqsədimiz Axund Molla Ələkbər və onun kimilərdir. Münaqişə və mübahisə etdiyimiz məsələnin bəyanını asanlaşdırmaq üçün ona vacib olur ki, ya bu ziddiyyəti qəti dəlillər ilə rədd etsin və ya ixlas və Allah rizası üçün olmayan namaz və oruc kimi faydasız ibadətləri bizə təklif etməsin. Necə ki, bu vəziyyətin varlığı ilə mən bir hakimi, mərhəmətlərinə tamah edərək və qəhrindən qorxaraq mədh etsəm, ixlaskar olmaram. Əgər Axund Molla Ələkbər ziddiyyəti rəf’ edəcək sübutlar gətirməkdə aciz qalıb, bununla bərabər bizə oruc və namaz təklif etməkdə israr edərsə, qətiyyən ona itaət etməyəcəyik. Zarafatı başqa vaxta qoyuram. Vallah, dini işimizdə sözüaçıq olmaq üçün bu çətin məsələni düşünmək və bu iki müxtəlif halın arasındakı ziddiyyəti qaldırmağa çalışmaq mənə və idarə sədri şeyxül-islama qəti surətdə lazımdır. Çünki onlardakı ziddiyyət zehnlərə aydındır. Bununla bərabər bunu başqa bir yol ilə bəyan etməyə ehtiyac yoxdur. Hər bir düşüncəli adam bir az fikirləşsə, onu anlar. Əgər Axund Molla Ələkbər “burada imamın ibadət edəndən məqsədi Allaha saf ürəklə ibadət etməyib riya ilə ibadət edənlərdir” desə, biz də deyərik ki: əgər imamın sözü xüsusiliyi ifadə etsəydi, sənin sözün doğru olardı, halbuki bunun xilafına olaraq ümumiliyi ifadə edir. Əgər ruhanilik idarəsinin əhkamına əməl etmək barəsində şə’şəəli Rusiya dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin həlli üçün Kərbəla alimlərinə müraciət edərdim; çünki onlar müctəhiddirlər və xalq da onlara təqlid edir. Təqlidçi kimdir? Təqlidçi müctəhidin əmr etdiyi loğmaları – istər ləzzətli xörək loğmaları olsun, istərsə sarı bəlğəm olsun – çeynəmədən udmağa məcbur olan şəxsdir. Ey mö’minlərlər, qəflət yuxusundan ayılın, bəlkə nəcat tapasınız; çünki sizin dörd tərəfinizdəki qonşularınızx oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət qaranlığında qalıb köləlik bağı ilə bağlı və azadlıq ne’mətlərindən məhrumsunuz. Bunu da biliniz ki, bu iki müxtəlif halın arasında ziddiyyəti qaldırmaq, o hükəmanın sözünə olan ixlasın mütləqa inkarına, ya da ibadətin vacib olmasındakı nəssi tərk ilə namaz və orucu inkar etməyə bağlıdır. Bu hal iki cəhətdən də çətin işlərdəndir. Əgər bu iki tərəfin birinin qəbulunda mənə ixtiyar versəydiniz, mən ikinci tərəfi qəbul edib oruc və namazı tərk edərdim, fəqir və yoxsullara ehsan və sədəqə vermək, bütün fisq-fücurdan çəkinmək, aciz və düşgünlərə zülm etməmək şərti ilə Allah-taalaya yalnız ixlas ilə kifayətlənərdim. Bu, əsrimizdə Firəngistan hükəma və filosoflarının qəbul etdikləri e’tiqaddır. Çünki Allahın bizim ibadət, səcdə və tə’zim etməyimizə ehtiyacı yoxdur. Bunlar ailəmiz və özümüz üçün ruzi qazanmaq vaxtını boş yerə sərf etməkdən başqa bir səmərə verməz. Vəssəlam. * * * “Yek kəlmə” haqqında Təbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir. Əzizim! İndi də “Yek kəlmə” xüsusunda bir neçə kəlmə danışaq. “Yek kəlmə”ni başdan-başa oxudum. Misilsiz kitabdır, gözəl yadigardır və faydalı nəsihətdir. Lakin ölmüş millət üçün yazılmışdır. Məgər İranda nəsihətə qulaq asan varmı? Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən tə’sir etmir. Buna görə də millət özü, dinin maniəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi ki: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra kitabınızda izah etdiyiniz konstitusyonu millət özü ümumi iş və ədalətin icrası üçün icad etdi. Aya, sizin millətiniz də zalimə “səltənət və hökumət büsatından əl çək!..” deməyi bacararmı? Heç vaxt!.. Sonra. Siz ədalətli idarə üsulundan söhbət açaraq şəriət ehkamına istinad etmişsiniz. Çox yaxşı! Baxaq görək, aya, şəriətin özü ədalət çeşməsidir, ya yox? Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun birinci əsası olan hüquq bərabərliyini mühakimələrdə icra etməlidir. Hüquq bərabərliyi yalnız kişi tayfasınamı məxsusdur? Şəriətin nə haqqı var ki, qadın tayfasını hicab ayəsi vasitəsi ilə daimi həbsə atıb, ömrü boyunca bədbəxt edir və yaşamaq ne’mətindən məhrum edir? Kişilərin hərəmxanada xidmət etmələrinə hicab hökmü icazə vermir. Varlı adamlar hərəmxanada qulluq etmək üçün labüdd və naçar xacələri satın almağa talib olurlar və buna görə də çox azğın adamlar, öz dünya mənfəətləri üçün günahsız uşaqları xacə edib islam məmləkətlərində satırlar. Əgər hicab ayəsi nazil olmasaydı, o azğınlar bu alçaq işə əl qatmazdılar, çünki onun heç bir başqa mənfəəti yoxdur. Sonra. Bir zimmi bir müsəlmandan on tümən rul iddia edər; müsəlman inkar edər. Hər ikisi, mürafiə məqsədi ilə qazinin hüzuruna gedərlər. Qazi zimmidən şahid istər. Şikayətçi zimmi, vilayətin mö’təbər tacirlərindən dörd nəfər zimmi şahid gətirər. Qazi o dörd nəfər zimminin şahidliyini e’tibarlı saymaz və şikayətçi zimmidən müsəlman şahid istər. Şikayətçi zimmi, müsəlman şahid tapmaqda acizlik çəkər. Bu səbəbdən haqqı hədər olar, qazinin məhkəməsindən ahü-fəryadla bayıra çıxar və söylər: “Ey Allah, bu nə qanundur, bu nə divandır!”. Məgər mühakimələrdə bərabərlik belə olar? Əgər şəriət ədalət çeşməsi isə, o, konstitusyonun üçüncü əsası olan şəxsi azadlığı icra etməlidir. O halda şəriət hətta islamiyyətin qəbulundan sonra da bütpərəstlərdən və müşriklərdən qul və kənizlər alıb-satmağa nə üçün icazə verir? Məgər bu ən alçaq zülm deyilmi və azadlığa zidd deyilmi? Keçmişdə Avropada isəvilər Tövratın fitvasına əsaslanaraq bütpərəst və müşrik qullar və kənizlər alıb-satmağı caiz sayırdılar və deyirdilər ki, Musa bütpərəstlərin və müşriklərin alınıb-satılmasını halal, hətta vacib etmişdir... O tərəfdən ingilis qalxaraq dedi ki, Musa anlamamışdır; bütpərəstlər və müşriklər də bizim kimi insandırlar, bizim qardaşlarımızdırlar. E’tiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz. Buna görə də qul və kənizləri alıb-satmağı köhnə və yeni dünyanın hər bucağında qəti surətdə qədəğən etmişlər. Rus dövləti də bu yaxın zamanlarda Xivədə özbək tayfası ilə bir şərt bağlamışdır ki, qul və kəniz alveri aradan qaldırılsın və cəza olaraq adam öldürmək qədəğən edilsin. Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun dördüncü əsasını həyata keçirməlidir. Bu surətdə: nə deməkdir? Bir azad kişi ilə bir azad qadın, evlənmək qeydi olmadan, hər iki tərəfin razılığı üzrə bir-biri ilə yaxınlıq edirlər. Şəriətin nə haqqı var ki, onlardan hər birinə yüz taziyanə vurdurur? Bu iş insan şəxsiyyətinin tam əmniyyətinin ziddinə deyilmi və ədalətə müxalif deyilmi? Əgər bu ayədən şəriətin məqsədi şərəf və namusu qorumaqdırsa, bu ayə, əri olan qadın ilə arvadı olan kişinin zina etməsinə aid olmalıdır. Bu qanunu azad kişi və azad qadın haqqında icra etmək zülmdür. Əgər o kişi və qadının namusu öz əməlləri üzündən bada gedirsə, bunun fikrini onların özləri çəkməlidirlər. Onların namusunu qorumaq istəyən şəriətin müdaxiləsi azadlıq və əmniyyəti almış olur. Bunlardan hansı daha lazımlıdır, namus, ya azadlıq və əmniyyət? Əgər şəriətin məqsədi onları cəzalandırmaqla başqalarına ibrət vermək isə, başqaları öz namuslarını qorumalıdırlar. Bəs nə üçün Quranda müt’əyə icazə verilmişdir? Hər iki tərəfin də razılığı müt’ə deyilmi? Daha nə üçün cəza verir? Əgər şəriət desə ki, müt’ənin icra edilməli bir siğəsi vardır, yə’ni o kişi ilə qadının yaxınlığı rəsmi olmamışdır, o vaxt insaf edin, rəsmiyyətə rəayət etməmək üstündə yüz taziyanə yemək çox çətindir və bu böyük zülmdür; bundan sonra nə azadlıq və nə əmniyyət?.. Bundan başqa, bütün fiqh kitablarında həzrəti-rəsul əleyhissəlam haqqında yazılmışdır: Məgər bu, insanın namusuna təcavüz deyilmi? Ədalət çeşməsi birinci olaraq ədaləti özü pozmalıdırmı? Sonra. Mən alnımın təri ilə beş tümən pul qazanmışam; nə üçün şəriət onun beşdə birini müftəxorlara verməyimi hökm edir? Yaxud yüz tümən pul qazanmışam; nə üçün şəriət hökm edir ki, bu pulu özümlə götürüb həccə gedim və onu qəlbiqara və yolkəsən ərəblərin ehtiyaclarına xərcləyim? Bu hökmlər xalq malının tam əmniyyətinə zidd deyilmi? Bu, insanların malına yeyələnmək deyilmi? Şəriətin özü xümsü və həcci vacib etməklə bütün insanların malına yiyələnməyə imkan verir. Halbuki zəkat, fitrə və sədəqənin millətə faydası olduğu halda, onların qətiyyən millət üçün faydası yoxdur. Amma xalq bə’zi adamların malının əmniyyəti üçün qanununu icra edir. O halda dinarın dörddə birini oğurlamaq cəzasını alaq. Mə’lumdur ki, oğru özünü dolandırmaqda acizlik çəkdiyi üçün oğurluğa əl atır. Əgər onun əli kəsilərsə, aydındır ki, həyatını tə’min etməkdə daha aciz qalacaqdır. O zaman ya təkrar oğurluğa əl atmalıdır, ya da acından ölməlidir. Buna görə də insan əli kəsmək həqiqətdə bir insanın həyatını təhlükəyə salmaq deməkdir. Halbuki dinarın dörddə birini oğurlamağın cəzası olaraq oğrunun əli kəsilməyib ona başqa bir cəza verilərsə, ehtimal var ki, o, tövbə edər, bir vəsilə ilə məişətini qazanmağı bacarar və öz həyatından bir fayda görər. Dünyada heç bir ne’mət həyatın əvəzi deyildir və onu hər cüz’i şey üstündə tam bir ədalət tələbi olaraq azad insanlardan almaq olmaz. Əgər şəriət ədalət çeşməsi isə: Bu çox yaxşı. Bəs nə deməkdir? Tutaq ki, mən bir müşrikə üstün gəlmişəm. ayəsinə görə onu öldürməyə haqqım vardır. Aya, bu zülm deyilmi və dördüncü maddə olan can toxunulmazlığına zidd deyilmi? Əgər müşrikin bir neçə Allaha inanması xudavəndi-aləmə xoş gəlmirsə, qoy o öz Əzrailini göndərsin ki, müşrikin canını alsın; daha nə üçün çirkin cəlladlıq peşəsini mənim öhdəmə həvalə edir və bir günahsızın qanını mənim əlimlə tökdürür? Xülasə, adam öldürmək, bədən üzvlərini kəsmək və ağac vurmaq barbar və vəhşi tayfaların sifətidir; Allahın şə’ninə layiq deyildir. Avropada müqəssirləri cəzalandırmaq və insanların asayişini tə’- min üçün başqa tədbir görürlər; çünki ingilis filosoflarının təhqiqinə görə isbat edilmişdir ki, adam öldürməyin cəzası olaraq qatili e’dam etmək başqalarının asayişi üçün bu növ cinayətləri nəinki aradan qaldırmır, hətta qətiyyən azaltmır. İkinci bir adamı öldürmək əbəs və bihudədir, ondan heç bir məqsəd hasil olmur. Buna görə filosoflar insanların asayişi naminə, qatil haqqında bir cəza düşünmüşlər ki, bu növ cinayəti ya tamamilə aradan qaldırsın, ya da azaltmış olsun. Bu gün Avropada bir cinayətkarın öldürülməsi haqqında hökm verməyə çox az təsadüf edilir. Aya, Şərqdə o ayələri pozmağa imkan varmı? Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun on yeddinci maddəsini icra etməlidir. Mən oruc tutmuram, namaz qılmıram, mənə cəza vermək Allahın işidir, şəriət nə üçün mənə hədd vursun və mənim haqqımda əzab və cəzanı, hətta ölümü belə rəva görsün. Nə isə... İşin əlacı nəsihət və və’z etməkdə, məsləhət verməkdə deyil; göz qabağında olan bu əsas kökündən, dibindən qoparılmalıdır. Bununla bərabər sizin kitabınız təqdirə layiqdir. Heç olmazsa azçox şüuru olan hər bir oxucu biləcəkdir ki, siz məsələni anlamısınız və sizin ürəyinizin yanması qeyrətdən, vətənpərvərlikdən və millətpərəstlikdəndir. Sizə elə gəlir ki, şəriət hökmlərinin köməyi ilə Fransa konstitusyonunu Şərqdə həyata keçirmək olar; yə’ni zülmü aradan qaldırmaq olar. Yox, qətiyyən belə deyil! Bu çətindir və mümkün olan şey deyil. Əməvilər və Abbasilər əsri şəriətə daha yaxın idi. Zülmün və despotizmin binasını islamiyyətdə əvvəlcə bunlar qoydular. Elə isə şəriət hökmləri var olduğu halda, zülm davam edir?! Ədaləti yerinə yetirmək və zülmü aradan qadırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür; yə’ni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaqdır. Baba, mənə nə var axı! Vallah, mən bu sözləri yazmağa peşimanam. Nə edim, “Yek kəlmə”ni gördüm, qanım coşdu, ağlımı itirib sayıqladım; tövbə edirəm; * * * Fehristi-kitab İnsan təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; a ğ l a m a q – əlaməti-qəmdir, g ü l m ə k – əlaməti-fərəhdir. Gahi məsaibin vüquu və müfərrihatın süduru və gahi onların təqriri və ya təhriri bu iki haləti, təbiəti-insanda zahir edər. Təqrir və təhrir surətində qəm və fərəhə və giryə və xəndəyə ümdə müəssir vəz’i-hekayətdir. Əksər övqat namərğub vəz’lə zikr olunan müsibətdən adəm mütəəssir olmaz; lakin haman müsibət özgə, pəsəndidə vəz’ ilə nəql olunduqda kəma-yənbəği tə’sir bağışlar; necə ki, naqis və kamil mərsiyəxanların məclisində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəma-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbul və müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-pövşənrəvan və arifi-təbaye-insani deyərlər və naqili-kamilinə süxənguyi-qabil. Faideyi-nəqli-müsibət və behcət, bəni-növ’i-bəşərin əxlaq və xəvassını bəyan etməkdir ki, müstəme’ yaxşılarına xoşhal və amil və yamanlarından mütəəzzi və qafil ola və həm nəfsi-əmmarə bu gunə hekayatın istimaına məşğul olmaqda ləzzət görüb məasi və mənahidən cəlbi-sürur etməyə meyl eləməyə. Məmaliki-Firəngistanda ərbabiüquli-səlimə bu əmrin faydasına bərxurd olub ə’sari-qədimədən hər şəhri-əzimdə imarəti-aliyə “teatr” ismi ilə bərpa edibdirlər ki, bu imaratda gah keyfiyyəti-müsibət və gah keyfiyyəti-behcət, bəvasiteyi-təşbihat izhar olunur. Milləti-islam arasında bu zamana qədər ancaq nəqli-müsibət mütədavildir, bəvasiteyi-təqrir və təşbih. Bu həm kəmali-qüsur və nöqsan ilə; yə’ni əvvələn məsaibin vəz’i-inşası müvafiqi-vaqe və mütabiqitəb’i-insani əmələ gəlməyibdir və saniyən naqillərinə bəsirət üzrə tərbiyət olmayıb. Hər kəs xudsər bu əmrə iqdam edib ləvazimatından cahil və şəraitindən qafildir. Və salisən bu əmri-əzimin icrası üçün milləti-islam arasında hərgiz tədarükat mühəyya deyil. Ona binaən keyfiyyəti-təşbihat – ki, dünyanın ələzz ne’mətlərindən birisidir, – rayət rəkakətdə zühur edər; məsələn, bir cüz’i işə dəxi ki, şəbih, haləti-mütəkəllimdə qare nəzərə gəlməsin, çarəcu olmayıblar. Və hər şəbih ki, gərək əzbərdən müvafiqi-istilah mükalimə etsin, görürsən ki, bir vərəq kağızı əlinə alıb ibarəti-qəlizə ilə mürasilə oxuyur. Belə halət ilə şəbihin təqriri necə təbiəti-insana müəssir düşər? Amma nəqli-behcət bəvasiteyi-təşbihat hərgiz rəsm deyil və bu xüsusda bu hala qədər heç bir təsnif yazılmayıbdır. Bavücudi ki, nəqlibehcətdə məvaizi-əcibə və nəsayihi-qəribə mütəzəmmindir. Və əgər bu məvaiz və nəsayih behcətəfza və tərəbəngiz vəz’ ilə bəyan olunmasa, hərgiz təbiəti-xass və ammə onların istimaına rağib olmaz. Behcət nəqlinin məclisini o qərar ilə ki, Firəngistanda mütəarifdir, kəmali-diqqət ilə mülahizə edəsən, xilafi-həya və ədəb bir şey onda görünməz. Çün əmiri-ə’zəm və süpəhsalari-əkrəm və canişini-ə’lahəzrətiimperaturi-əfxəm, sərkari-əşrəf və əmcəd knyaz Vorontsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə sənə 1266-da şəhri-Tiflisdə bir imarəti-aliyə teatr ismi ilə bərpa edib baladə məzkur olan mənafeikülliyyənin vəsaili-iktisabına məxarici-kəsirə sərf və hər bir əhli-elm və əmələ bu mənafein intişarına təqviyət etmək üçün külli himayət və inayət zahir buyurdu, lihaza mən dəxi milləti-islamı bu əmri-qəribdən müstəhzər etmək üçün bərsəbili-imtəhan altı təmsil, bir hekayət təsnif etdim. İndi cümləsini bir mücəllədin içində ərbabi-kəmalə mə’- ruz edib başqa müsənniflər kimi basdırıb təvəqqe etmirəm ki, nikü bədindən iğmaz etsinlər; bəlkə təmənnam odur ki, bu elmi-cədidə müxbir olub bəqədri-qüvvə əmsalını təsnif etməyə iqdam edələr ki, onların ehtimamından bu fənni-əcib islam arasında dəxi şöhrət tapa. Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq. Xitab bər katib Çün türki dilinin imlası xüsusunda bu anə qədər bir qaideyi-külliyyə mərqum olunmayıbdır, ona binaən mən təmsilatımın imlasında istilahı dəstaviz etdim. Və mənim əqidəm budur ki, əgər təkəllümdə məzkur olunan əlfaz, istilahi-xass və ammdə və iste’mali-alim və cahildə müştərək oldu, imlası hini-kitabətdə sövti-mütəkəllimə mütabiq yazılsa uladır. Və gərək mültəfit olmamaq ki, bu əlfaz farsidən və ya ərəbidən mə’xuzdur və bunların imlası haman dillərdə qeyri-vəz’ ilədir. Zira ki, ləfzdən qərəz ifadeyi-mə’nadır və indi sənin dilində haman əlfaz bu imlaya müvafiq mütələffiz olub ifadeyi-mə’na edər və sənin mənzurun əmələ gələr. Dəxi nə xərc lazım olubdur ki, onları farsi və ya ərəbi dilinin imlasına çevirirsən ki, oxuyanda müstəmiə qərib və biganə görünür. Əgər qərəzin izhari-fəzldir, beş-on sözün imlasını əsl vəz’ə mütabiq yazmaqla fəzl zahir olmaz. Fəzlin şürutu çoxdur. Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi, türki dilində – adam yazasan, töxmi – toxum, cifti – cüt, müqəyyədi – muğayat, övrəti – arvad, qaidəni – qayda və habelə özgə əlfazı ki, xəvass və avamın iste’malında müştərəkdir, fəqət xəvassa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz’i-əslisi ilə tələffüz olunur. Və bəhs eləmə ki, dibaçədə özüm niyə bu qaydanı mər’i etməmişəm. Ondan ötrü ki, piş-əz vəqt bir e’lam lazımdır. Bundan sonra hər nə yazsam, öz bildiyim kimi yazacağam. Xitab bər naqil Mənim əzizim naqil – ki təmsilatımı oxuyacaqsan və ya hifz edib söyləyəcəksən, – gərəkdir biləsən ki, bu təmsilat məhz ibarətdir neçə nəfər əşxasın arasında vaqe’ olan güzarişin vəz’i-bəyanından və tərhitəşbihindən. Bu surətdə sənə lazımdır ki, hər bir şəbihin halətini onun mükaliməsindən fərq verib oxuyanda və ya təqrir edəndə, mustəmei iştibaha salmayasan. Hər şəbihin adının altında yazılan sözlər onun mükaliməsidir və bir para şəbih hini-mükalimədə əlin dizinə çırpır və ya ağlayır və ya gülür və bir para yerdə vəz’i-məclis bəyan olunur. Bu növ keyfiyyətlərin təkəllümə dəxli yoxdur. Gərək bunlar mükalimə tərzində oxunmaya. Və bir dəxi mənim təmsilatımı səyaqi-qədim və mütəarif üzrə oxumaq caiz deyil, gərək danışıq tərzində oxuna. Təəccüb yerində – mütəəccib ol, sual yerində – sail, xövf yerində – xaif ol, heyrət yerində – hayir, sükut yerində – sakit ol, zöhk yerində – zahik, büka yerində – baki ol, qeyz yerində – qaiz, şəfqət yerində – müşfiq ol, heybət yerində – mühib, istehza yerində – müstəhzi ol, çığırmaq yerində – çığır, ahəstə mükaliməni – ahəstə oxu, qoca mükaliməsində – qocamanənd söylə və erməni danışığında – erməni tələffüzünü mülahizə elə; qalan zad mövqufdur sənin öz qabiliyyətinə. * * * [Nəzm və nəsr haqqında] Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır. Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir. Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla tə’sir yoxdur; ancaq nazimi-ustaddır. Amma mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhət türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu iki şəxsə. Bir də bir Məsiha var imiş, xəyalatı az tapılır. Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbət rəhnümadır və lakin ləzzət və tə’sir və mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur. Məsələn: Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükalimə edir ki, adam valeh olur və vəqaye və güzarişatı və əhvali-müasirini və ətvari-pirü cavanı bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əş’arını oxuyanda müstəme inana bilir ki, şe’r vaqiən ləzzətə bais olurmuş. Lihaza, milləti-islamı şe’rlə nəzmin fərqindən vaqif və bu iki şəxsin haqqında arif etmək üçün onların mənzumatını – o miqdarda ki, dəstgir oldu, – bir mücəllədin içində basdırıb müntəşir edirəm. Taki, bundan sonra şe’r maddəsi ilə zühura gələn vücudlara nümunə və əndazə olsun və bunların əş’arını görəndən sonra bir para öz haqlarında müştəbeh olan nəzm sənətkarları şair olmadıqlarını anlayıb, bihudə özlərini zəhmətə salmaqdan və yavan nəzmlərin inşasına övqat sərf eləməkdən əl çəksinlər. * * * Mollayi-Ruminin və onun təsnifinin babında Məxdumi-mükərrəmi-mən, şeyxül-islam! Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin. Əlhəq, bu gunə diqqət bir yaxşı şivədir ki, xanəndə üçün zühura gələn təsnifin və onun müsənnifinin haqqında bəsirəti-kamilə hasil olacaqdır. Çünki miləli-islamdan bu səfəhatda sizdən başqa bir sahibi-zövq tanımıram, ona binaən bu şivədən sizi xəbərdar edirəm ki, bari siz agah olub başqa ərbabi-zövqləri, əgər düçar olsalar, ondan xəbərdar edəsiniz. İndi gələk mətləb üstünə. Mollayi-Rumi bir alimdir bibədəl, bir fazildir binəzir: farsi və ərəbi dillərinə qayətdə müsəllət, a’yat və əhadisə layiqincə vaqif, əqidəsi əqideyi-hükəmayi-hind, yə’ni vəhdətivücuda qaildir. Bu qərar ilə ki, kainatı bir nuri-vahiddən sadir bilib haman nuru bir dərya misalında fərz edir ki, guya mövcudat və müzəhhərat o dəryaya nisbət qətərat və əmvac mənziləsindədirlər. Haman dərya guya vücudi-külldür və sair mövcudat və müzəhhərat haman külldən bir cüz’dürlər ki, qətərat və əmvac təşəkkülündə bir zaman o dəryadan uzaq düşüb sonra yenə o dəryaya övd edəcəklər və küllə vasil olacaqlar. Amma səhvi buradadır ki, haman vücudi-küllə iradə və ixtiyar qərar verir. Dəlailinin cümləsindən birisi də budur ki, Və guya vücudi-küll, iradə və ixtiyar ilə cüz’ləri aləmi-kəsarata və təəyyünata salıbdır. Pəs cüzlər gərək təlaş etsinlər ki, özlərini bir müddət seyrdən sonra yenə haman küllə vasil eləsinlər və guya bu visalın ümdə vəsiləsi fənadır, yə’ni fani olmaqdır ki, bəqayi-cavidani fənadan hasil olacaqdır. Bir də səhvi fənaya qail olmaqdır. Bu bir ləfzdir bilamə’na ki, nə hükəmayi-hind və nə hükəmayi-islam onun mə’nasına pey apara bilməyibdir. Amma hər kəs onu eşidibdir, fəhmini iddia edibdir. + Nəql edirlər ki, guya ibtidada Buddiyi-hindi bu əqidəni mütədavil edib vücudi-küllə vasil olmaq üçün onu vəsilə bilibdir. Amma fəna necə gərək olsun və nə qərar ilə olsun və aya, mümkünmüdür və nə halətdədir, heç kəs bu babda cəvabi-sərih verməyə qadir deyil. Bu xüsusda həzrəti-rəsul əleyhissəlam dəxi hükəmayihindin e’tiqadınca buyurubdur: Yəhtəmil, həzrəti-rəsul özü bu kəlamın mə’nasına vaqifdir, amma sair nasə onu məfhum etmək mümtənidir, əgər hər iki mövt mə’nayihəqiqəsində baqi qala. İngilis Hindistanı alandan sonra hükəmayi-Yevropa çox çalışıblar ki, fənanı anlasınlar; amma mümkün olmayıbdır. Ancaq bu əqidənin zikrini və ondan mənzur olan nəticəni kəmali-vüzuh ilə bəyan ediblər. Bu bəyanı mən bir rus kitabından təfislən yazıb götürmüşəm. Mülaqat vaxtında sizə nişan verərəm. Bir dəxi səhvi budur ki, ruha qaildir. Bu qərar ilə ki, guya ruh bədən müfariqətindən sonra baqidir və vücudi-küllə ruh vasil olacaqdır. Amma hükəmayi-Yevropa ruhu qaim binəfsihi bilmirlər. Onların e’tiqadı budur ki, ruh cismin müqtəziyatındandır və cism ilə qaimdir. Necə ki, qüvveyi-teleqrafiyyə bir para əczayi-mə’dəniyyənin imtizacında zühura gəlib iftiraqında zaildir, ruh dəxi cismin tərkibində zühura gəlib cismin mütəlaşi olmağında zail olur. Amma heç kəs bilə bilməz ki, ruh nədir, ya qüvveyi-teleqrafiyyə nədir? Bu səhvləri ki, mən Mollayi-Rumiyə isnad edirəm, öz əqidəm deyil, hükəmayi-Yevropanın əqidəsidir. Cənnətə və cəhənnəmə və həşrə dəxi Mollayi-Rumi qail deyil. Cənnətdən ibarət vücudi-küllün visalını bilir, cəhənnəmdən ibarət hicran aləmin fərz edir. Amma hər üçünün isbatında müvafiqi-şər’ o qədər çığır-bağır edir ki, adam mat qalıb, utanır desin: Kişi, sən kafir imişsən!.. Nübüvvətə və imamətə dəxi qail deyil; necə ki, sözlərindən mə’- lumdur. Xülasə, təmamən əqaidi müxalifi-şər’i-şərifdir. Amma əqaidini tülki və çaqqal əfsanələrinin içində bir tərz ilə gizləyibdir ki, duymaq çox çətindir; məsələn: bir əfsanə başlayır, əfsanənin ortasında bir söz toplayıb, əfsanəni kəsib ötür uzun-uzun təsəvvürata və təəqqülata; mətləbi ami xanəndənin nəzərindən itirir, onun zehnini pərt edir, sonra qəflətən natamam əfsanənin itmamına şüru edir. Xanəndeyi-ami ancaq buna xoşhal olur ki, yarımçıq əfsanənin riştəsi yenə ələ düşdü və canı naməfhum təsəvvürat və təəqqülatdan qurtardı. Dəxi xəbəri olmur ki, Mollayi-Ruminin mənzuru topladığı sözdə bitdi və arif xanəndəyə mətləb hali oldu. Sonra Mollayi-Rumi başlayır özünün e’tiqadına pərdəkeşlik etməyə, ibadətdən və riyazətdən dəm vurur, kəşfü kəramatın və mö’cüzatın isbatına cəfəng-cəfəng dəlail və xariqüladə əxbar zikr edir. Qisseyi-əshabi-kəhf kimi, Xizrin nağılı kimi və əmsali-zalik və ənbiya və övliyanın təsdiqində ayat və əhadis söyləyir; iti, pişiyi yığır bir yerə, ənva və əqsam pərpuçatı və həzliyyatı qatıb-qatışdırıb danışır, guya və’z və nəsihət libasında. Xanendeyi-amini lap yorur, çaru-çəng qoyur. Biçarə elə zənn edir ki, Mollayi-Rumi filvaqe’ bir pak e’tiqad vücuddur. Bu sayaq ilə Mollayi-Ruminin əqidəsi ami xanəndənin nəzərindən gizlənir. Onu şər’ən kafir deyib tutmağa hərgiz imkan yoxdur. Görünür ki, onun əsri çox xətərnak əsr imiş. Şiddəti-zövqdən və cəz- + bədən danışmaq istəyibdir, amma canından da qorxurmuş. O səbəbə naçar qalıb bu növ təkəllüfata mübaşir olubdur. Amma bu növ təkəllüfat əgərçi xoşayənd deyil və xilafi-məzaqi-musənnifini Yevropadır və lakin bir ustalıqdır ki, sair əfradi-nasa mümkün deyil. Mollayi-Ruminin ağlına və şüuruna və zövqünə heç söz yox, amma bir mərtəbədə cülük və yüngüldür ki, bizlər onun yanında bir vüqarlı və təmkinli adamıq! Cülüklükdə və cılfırlıqda bakılı mərhum Axund Molla Abdullaha çox-çox şəbahəti var... və həm bir mərtəbədə ərinməz və diraz nəfəsdir ki, sözlərini oxumaqdan xanəndənin hövsələsi təng olur, əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayibaməzə köhnə və mündəris və biləzzət mətalibdir; bəlkə əqvalibimə’nadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə götürübdür. Başqa dillərdə tərcüməsi ədimul-imkandır; çünki mətləb müəyyən deyil, adda-budda sözlərdir, əlfəazi-cədidə ilə çevirib-çevirib təkrar edir, hansı kəlam ki, başqa dillərdə tərcüməyə gəlməsə, şəksiz, biməzmundur; məsələn, Ruhülqüdsün və Firdövsinin kəlamını Xəta dilində dəxi tərcümə edəsən, vazeh məzmun çıxar. Molla-Rumini sizə müşahidətən mə’ruf etmək üçün mən dəxi üç məsəl türki dilində nəzmə gətirib göndərdim. Amma onun kimi məğzi-mətləbi gizlədə bilmədim. Vaqeən Mollayi-Rumi məğzi-mətləbi gizləməkdə ustadi-kamil və hərifi-bimisldir. Məsəllərin bəhri, məsnəvi bəhrindən bir əlif əskikdir; çünki kamil məsnəvi bəhri türki dilində mütəarif deyil. Qocurda bikarlıqdan Mollayi-Ruminin vəsfini bir neçə gün özümə şüğl etdim, başqa qərəzim yox idi. Bu bəyanı Axund Molla Ələkbərə dəxi oxuyun və əgər sizdə mövcud olan məsnəvi şərhlərinin başında, ya axırında bəyaz vərəqlər varsa, bu bəyanı da o vərəqlərə yazdırın, müruri-dühur ilə yadigar qalsın. Və ixtisarən cavabımı təvəqqe edirəm göndərəsiniz rə’yinizin inzimamı ilə bu bəyanın haqqında. Müxlisiniz Mirzə Fətəli Axundzadə 8 iyul, sənə 1876, Yeylaqi-Qocur * * * Kritika YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ Əziz qardaşım! 1283-cü il rəbiül-əvvəl ayının on dördü tarixində, cümə günü İranın “Millət” qəzeti Tiflis şəhərinə yetişərək, təqribən aşağıda zikr olunan şəkildə nəzərimə çatdı. Əvvəl bu ibarəni oxudum: “Mülk və padşahlığını Allahın daimi etmiş olduğu alicənab, mübarək şahənşahlığın əmr və qərarı ilə “Millət” qəzeti azadə yazılmışdır ki, xəvass və əvam ondan mənfəətbərdar olsunlar”. Bu ibarə zahirən onu göstərir ki, İran millətinin mənafeyi naminə hər kəsin nə cür fikir və xəyalı olsa, biduni-vahimə yaza bilər. Buna görə də mən həmin ibarələrə əsasən cəsarət edib, bir Qafqaz vətəndaşı kimi, islamiyyət və məzhəb cəhətindən İran milləti ilə qardaş olan bir şəxs kimi, öz düşündüyümü sənə yazıram: Birinci: Qəzetində İran millətinin əlaməti olaraq qəbul etdiyin məscid şəkli, mənim nəzərimdə namünasib görsənir. Əgər “millət” sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər. İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən məşhur asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid millət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar. Beləliklə, İran millətini tanımaq üçün sən gərək qırmızı mahıddan olan on iki guşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasan ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın. İkinci: Qəzeti oxuyub gördüm ki, onun iki səhifədən ziyadəsi “Süruş” təxəllüslü, “Şəmsüş-şüəra” ləqəbli bir şairin əsli-nəsəbinə və tərcümeyi-halına dair məlumatdan və Süruşun bir qəsidəsi ilə bir qəzəlindən ibarətdir. Əziz qardaşım! Sən özün yazıbsan ki, xəvass və əvam “Millət” qəzetindən mənfəətbərdar olmalıdır. İnsaf məqamında səndən soruşuram ki, “Süruş” təxəllüslü, ondan sonra “Şəmsüş-şüəra” ləqəbli şairin əsil-nəsəbini və tərcümeyi-halını bilməyin millətə nə faydası vardır ki, öz oxucularının bu məsələni oxumağa məcbur edib, onlara dərdisər veribsən? Əgər Süruş fazil adam və şairi-mümtaz olsaydı, o vaxt sənin haqqın var idi deyəsən ki, millət onun əsərlərindən feyz alır, onun filosofanə şe’rlərindən hikmət və mə’rifət kəsb edir, bu adamı tanımaq millətə lazımdır. Amma Süruşun qəsidəsi onun ən alçaq dərəcəli bir şair olduğuna dəlalət edir; hətta şe’r demək qabiliyyəti belə heç yoxdur. Və nahaq yerə göyün mələyinin adını özünə təxəllüs qoyub, onun böyük, parlaq bəzəyinin adını isə özünə ləqəb götürmüşdür; bu mə’na ilə ki, guya onun fəzilət nuru da günəşin işığı kimi külli-afaqa ziya bağışlayır. Dəlilsiz iddiaya qulaq asan olmaz. Mən Süruşun qabiliyyətsizliyini iddia edirəm. Öz iddiamı sübut etmək üçün dəlil gətirməliyəm. Amma dəlilləri sonra deyəcəyəm. Əvvəlcə bu “Şairlər günəşinin” əsil-nəsəbi barədə bir neçə kəlmə yazıram. Əziz qardaşım münşi! Səndən dustanə xahiş edirəm ki, Tehranda bir məclis düzəldib, ürəfa və zürəfadan on iki nəfər o məclisə çağırıb, onların qarşısında “Şairlər günəşindən” soruşasan ki: – Ay ağa, sən nə məqsədlə öz əsil-nəsəbini Nəcmi-Saniyə aparıb bağlayırsan? Əgər desə ki, məqsədim ondan şöhrət və iftixar nuru kəsb etməkdir, o vaxt ona deyin: – Ağa, çox qəribədir ki, sən özün Günəş olduğun halda, ulduzdan şöhrət və iftixar nuru toplayırsan; o da sönük ulduzdan. Səyyarələr Müştəri, Zühəl, Mərrix, Ütarid, Zöhrə və başqalarından ibarətdir ki, Çeğmininin şərhində deyildiyinə görə, bunların hamısı qaranlıqdır və günəşdən işıq kəsb edirlər. Sən ki, indi özünü dünyaya nur salan günəş adlandırırsan, elmi-nücumun hansı qanununa görə ulduzdan işıq əxz etmək istəyirsən? Əgər desə ki: “Mən işıq və ziyası olmayan bir Günəşəm, yə’ni: Günəş nuruna istiarə olmaq hünərim yoxdur və Nəcmi-Sanidən fəzilət kəsb etmək istəyirəm”, o vaxt deyin ki: – Ağa, bica zəhmət çəkmə, özün üçün öz əsrlərindəki füzəlanın başçısı olan Səlcuqi Məlik şahın vəziri Nizamülmülk, Çingizi Hülaku xanın vəziri Xacə Nəsir Tusi və Sultan Hüseyn Bayqaranın vəziri Əmir Əlişir kimi bir baba tap; həmyerli olmağınız münasibəti ilə Nəcmi-Sanini özünə baba çıxma. Nəcmi-Sani sənin kimi hünərdən məhrum idi, şəxsi ləyaqəti yox idi. Və nahaq yerə Nəcmi-Sani ləqəbinə sahib olmuşdur. Əgər babanı tanımırsansa, biz onu sənə nişan verək. Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir. “Həbibüs-siyər”də belə yazılmışdır: “Əmiri-adil və fazil olan Nəcmi-Zərgərin vəfatından sonra, saf tiynətli padşah, yə’ni Şah İsmayıl vəkillik rütbəsini, isfahanlı Əmir Yarəhmədə tapşırmaqla onu sərəfraz etdi; ona Nəcmi-Sani ləqəbi verərək başını fələklərə çatdırdı, tamam üməra, vüzəra və ərkani-dövlətin ona tabe’ olmasını əmr etdi”. Görürük ki, Nəcmi-Sani, doğrudan da uca rütbəyə yüksəlmişdir; amma tarixçi ona Nəcmi-Əvvələ verdiyi kimi hünər isnad verməyibdir. Beləliklə, məlum olur ki, Nəcmi-Saninin tərəqqisi fəzilət və şəxsi ləyaqəti vasitəsi ilə olmayıb, bəlkə yalnız Şah İsmayılın xüsusi iltifatı sayəsində ittifaq düşübdür. Hükəmanın və filosofların dediyinə görə, Allah ömrünü uzun etmiş müasir yazıçının, peyğəmbər əleyhissəlamın qaydaları və sözləri haqqında filosofanə təsnifində zikr etdiyi dəlillərə görə və öz risaləsində Vəzir və Rəfiqin mükaliməsinə dair izahat verən Ruhül-qüds cənablarının əqidəsincə hünər və şəxsi ləyaqət olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir. Deməli, tarixlərin şəhadətinə görə mə’lum olur ki, Nəcmi-Sani elm və hikmət vasitəsi ilə fəzilət və ləyaqət sahibi olmamışdır. Amma bəlkə təbii ağlı və gözəl əxlaqı sayəsində onun ləyaqət və fəziləti olmuşdur?! Necə ki, bəşər əfradından bə’ziləri təbii ağıl və gözəl əxlaq gücü ilə yüksək dərəcələrə layiq olurlar. Bu xüsusda dəxi tarixlərə müraciət edək və görək Nəcmi-Saninin təbii ağlı nə səviyyədə idi, o nə kimi gözəl xasiyyətlərə malik idi. “Həbibüs-siyər”in ibarəsi budur: “Dinin pənahı olan Şah, yə’ni Şah İsmayıl, Nəcmi-Sanini mütləq ixtiyar sahibi etdikdən sonra onun xalqlar pənahı olan dərgahı, Adəm övladı hakimlərinin sığınacağı və Yer üzünün əyan və əşrafının ümid qapısı oldu. Rütbə və hörmət vasitələrindən, dövlət və əzəmət ləvazimatından onun başına o qədər yığışdı ki, onun qədr və məqamının səviyyəsi, bütün şə’ni, yüksək əmrləri və fərmanı nüfuzlu sultanları belə ötdü. Onun xüsusi nökərlərinin sayı beş min silahlı atlıya çatdı. Onun xəzinələri, malları və hesabdəftəri bilikli hesabdarların saya biləcəyi həddi aşdı. Hər gün yüz başa yaxın qoyun onun şüləni idi. Quş, qaz, düyü, yağ, aş ləvazimatı və sairə də bu ayaqdan. Türküstan səfəri zamanı təcəmmülatın hamısını sudan keçirməmişdisə də, hər gün onun mətbəxində xörək bişirmək üçün xam gümüşdən on üç qazan od üzərinə qoyurdular və rəngbərəng xörəkləri qızıl, gümüş, çini və büllur sinilərdə xalqın gözü qabağında cilvələndirirdilər. Bir nəfər doğru danışan və möhtərəm adamın dediyinə görə, şülən vaxtı suyun o tayında əmirin dərxanasında olan bir şəxs təəccüblə onun həvicdarından soruşur ki: “Yad vilayətdə bu qədər şeyləri haradan tapırsan?”. Cavab alır ki: “Allahın dövlətindən yanımızda qoyun, toyuq, qənd, nabat, un, düyü və başqa yeyəcək çoxdur. Ancaq mənə hər gün on batman darçın, zəncəfil, zə’fəran və başqa qızışdırıcı ədviyyələr və sair danələr lazım olur ki, onları tapmaqda çətinlik çəkirəm”. Biz güman etmirik ki, Nəcmi-Saninin atası varlı adam olub, bu cür şahanə var-dövləti öz oğlu üçün miras qoymuş olsun. Beləliklə, əgər Nəcmi-Sani bu xərci halal malından edirsə, israfçıdır; xüsusilə qazanları gümüşdən qayırmaq israfdan da keçib axmaqlığa çatmışdır. Bundan əlavə, gümüş qabların işlədilməsinin haram olması haqqında fəqihlər arasında ümumi bir rə’y vardır və əgər o, bunu haram maldan xərcləyirdisə, zalimdir. Razı salıcı işləri ilə deyil, təcəmmül vasitələrinin çoxluğu ilə özünü göstərən vəzir, cənab Ruhülqüdsün məzkur risaləsində tə’riflənən Vəzir kimi ola bilər. Lakin bilici və hörmətə layiq vəzirin sifətini cənab Ruhülqüds belə göstərir: “Cəlal və böyüklük ləzzəti İranda o vəzirə nuş olsun ki, o, bu sözləri deyə bilir: “İran yollarının araba getmək üçün mən tə’mir etmişəm. Mən İran torpağında bir çox məktəblər açmışam. Tamam mövqufat mədaxilini tələblərin ehtiyacına sərf etməyə mən qərar vermişəm. İran əhlinin ticarət və əkinçiliyinə mən rəvac və rövnəq vermişəm. İran mə’dənlərini mən işə salmışam. İranın susuz və əkinsiz səhralarına artezian quyuları vasitəsi ilə bol su bağışlamışam. İranın büdcəsini əlli kürura mən çatdırmışam”. Vəzarətin ləzzəti mə’nasız oyuncaqlarda və əbləhanə loğalıqda deyil, bu cür işlərdədir. Genə “Həbibüs-siyər” müəllifi yazır: “O misilsiz və əvəzsiz əmirin (mətbəxində darçın, zəncəfil və zə’fəranın çox işlənməsi ilə) cahü cəlalı bu dərəcəyə yetişdiyinə görə o, dəbdəbə və təntənəsinin çoxluğundan məğrur olub, qalib və bilici padşahdan icazə almadan Mavəraünnəhri tutmağı qət’ etdi, özbək qoşunu ilə müharibəni öhdəsinə alaraq, bu qorxunc işi yüngül və asan saydı. O, Amur çayı sularını keçərək Babur şah həzrətləri ilə mülaqatdan sonra Xəzar qalasına tərəf yürüş bayrağını qaldırdı. O yerin hakimi olan Ağpolad sultan, özündən böyük sərkərdələrlə döyüş və çarpışma gücü olmadığını bilib, ərbab və kələntərlərlə birlikdə barışmağa razı oldu və əhdü-peyman istədikdən sonra qalanın qapılarını açdı. Nəcmi-Sani onu zəncirləyib, Qoturözbəydə olan özbək camaatını qırıb rəiyyətə təcavüz etməyə başladı. Yaxşı, əgər Ağpolad sultan təslim olmasaydı, o vaxt Nəcmi-Saninin ixtiyarı var idi onun barəsində olan hər bir qəsdini gücdən fe’lə gətirsin. Ancaq bir halda ki, Ağpolad sultan və özbəklər təslim oldular, bir halda ki, Nəcmi-Sani əhdü peymanla onları xatircəm etdi, bəs hansı mürüvvət və cavanmərdlik qanununa görə Allahın əmrinin əksinə əməl edib öz peymanını qırmağı münasib gördü, Ağpolad sultanı + zəncirləyib qalan özbəkləri qətlə yetirdi? Məclisdə hazır olan cənab ürəfa və zürəfa hökm versinlər görək ki, əvvəlcə ancaq qüruri-əbləhanə üzündən öz vəliyyün-ne’mətinin rə’yinə zidd hərəkətə yol verib, onun icazəsi olmadan Mavəraünnəhri fəth etməyi öhdəsinə götürən, sonra isə Allahın əmri ziddinə əhdü peymanını pozan bir adamın ağlı və əxlaqı nə səviyyədə ola bilər? Ağıllı və xoş təbiətli adam heç razı olar ki, babası belə adam olsun? Nə isə! Genə “Həbibüs-siyər” müəllifi yazır: “Nəcmi-Sani oradan Qərşiyə hücum etdi. O vilayətin hakimi Şıxım Mirzə müdafiə və mümaniətdə möhkəmlik göstərdi. Nəcmi-Sani şəhərin ətrafını öz ümərası arasında təqsim etdi. Hər kəs öz mənzilində atdan düşdü. Döyüşkən əsgərlər ox və tüfəng atmağa başladılar, ildırım səsli daşların zərbəsi ilə Qərşinin bürclərinə və divarlarına rəxnə saldılar. İki-üç günün içərisində gücbəla ilə o şəhəri istila etdilər. Şıxım Mirzə öz adamları ilə əsir düşdü və qətli-am əmri verildi. Əmir Qiyasəddin Məhəmməd və bir dəstə digər ə’yanlar şəhərdə olan bə’zi günahsızların qanından keçməyi Nəcmi-Sanidən xahiş etdilərsə də, o razılıq vermədi və on beş minə yaxın əsgəri və rəiyyəti zalimanə qılıncdan keçirdi”. “Tarixi-rövzətüs-səfa” mülhəqatında yazılmışdır: “Nəcmi-Saninin də’vəti ilə qaladan qızılbaş qoşunlarının imdadına gələn Babur Mirzə, öz həmyerlilərinin, habelə cığatay sayılan bə’zi Qərki əhalisinin bağışlanmasını xahiş etdisə də, Nəcmi-Sani qəbul etmədi və onun da könlünü incitdi”. “Həbibüs-siyər” müəllifi genə yazır: “Nəcmi-Sani Qərşini tutduqdan sonra Buxara üzərinə yola düşdü. Çünki Canibəy sultan və Übeydulla xan böyük özbək qoşunu ilə orada yerləşib qəlblərinin lövhəsinə müqavimət və çarpışmaq nəqşəsini çəkirdilər. Nəcmi-Sani Buxaranın iki ağaclığına yetişəndə Məhəmməd Teymur sultanla Əbusəid sultanın Səmərqənd ordusundan bir dəstə götürüb qarət fikri ilə yola düşdüklərini eşitdi. Özü haman mənzildə dayanaraq Bayram bəy Qaramanlını pəhləvanlıq silkinə daxil olanlardan ibarət böyük bir dəstə ilə onları dəf’ etmək üçün göndərdi. O iki sultan, Bayram bəyin və qoşunların gəldiyindən xəbərdar olub, Qəcdivan qalasına sığındılar. Bayram bəy vəziyyəti mə’lum etdi, Nəcmi- Sani bütün qoşun ilə Qəcdivanın yanına yeridi. Məhəmməd Teymur sultanla Əbusəid sultan qalanın ətrafını möhkəmləndirib, hər gün özbəklərdən bir dəstə müharibəyə göndərirdilər. Bu tərəfdən dəxi qoşun qabağa çıxıb gah qalib gəlir, gah da məğlub olurdu. Bir neçə gün belə keçdi. Elə ki, qoşunların azuqəsi qurtardı, özbək sultanlarının əhvalatından xəbərdar olan və o qalanın müharibə ilə tutulmasının mümkün olmayacağını bilən Xacə Kəmaləddin Mahmud, Nəcmi-Saniyə ərz etdi ki: “Bu qış Qəcdivan qalasını mühasirə etməyin heç bir faydası yoxdur. Bu qala çoxlu yeyəcəyi və bol hərbi ləvazimatı ilə məşhurdur. Orada iki sultan və çoxlu igid var. Əgər bu mənzil bir neçə gün də qələbə nişanlı qoşunumuza ordugah olsa, əsgərlər taxıl və dənin yoxluğundan sıxıntıya düşəcəklər. Dövlət üçün əlverişli odur ki, köç təbli döydürüb buradan gedək. Qərşi və Xəzar yaxınlığında qışla düzəldək, tacirlər və bazar əhli müzəffər ordumuz üçün Bəlx ətrafından və vilayətlərindən taxıl və mallar gətirsinlər. Elə ki, qış başa çatdı, özbəklərin yeyəcəyi qurtarmağa üz qoydu və mal-qara üçün çöldə yem zahir oldu, şəhərlərə və qalalara hücum edərik”. Qoşunkeşlik və sərkərdəlikdən bilmərrə başı çıxmayan, ömründə müharibə elminə dair heç bir qanun və əsər oxumayan, işin nəticəsini yəqin ayinəsində müşahidə etmək üçün müvafiq dərəcədə ağlı olmayan və fikri-zikri ancaq hər gün mətbəxində nə qədər ət, qoyun, toyuq, qaz və həvic sərf olunması və atlanan zaman yanınca neçə yedək və nökər getməsi yanında qalan Nəcmi-Sani cavab verdi: “Həbibüs-siyər”dən: “Biz Qəcdivan yanından köçərək suya tərəf getsək, özbəklər elə zənn edəcəklər ki, biz qorxu və məğlubiyyətdən belə edirik. Bu da onların cəsarətə gəlməsinə səbəb olacaq. Hələ bu söhbət qurtarmamışdı ki, Babur padşah gəlib, Xacə Kəmaləddin Mahmudun haman məsləhətini irəli sürdü və mühasirədən əl çəkib Qərşi və Xəzar tərəfə getmək barədə israr etdi. Nəcmi-Sani zahirən o həzrətin sözünü qəbul etdisə də, amma ürəkdə bu işin doğruluğuna şübhə edirdi. O tərəfdən Buxara şəhərində Canibəy sultanla Übeydulla xan sultanın qulağına çatdı ki, Qəcdivanda Nəcmi-Saninin işi irəliləmir. Əsgərlər hər gün heyvanlar üçün yem və özləri üçün azuqə əldə etməkdən ötrü ətrafa dağılışırdılar. Sultanlar müharibəyə girişməyi qət’ etdilər. Çoxlu piyada və atlı qoşun, hamısı zirehli geyimdə əldə sıyırma qılınc Qəcdivana üz qoydu. O vilayətə çatarkən qalanın daxilində olan iki sultan dəxi onlara qoşulub birlikdə döyüş meydanına girdilər. Nəcmi-Sani bu vəziyyəti görəndən sonra müharibəyə qərar verdi. Qoşunun sağ və solunu böyük üməranın vücudu ilə möhkəmlədib, özü mərkəzdə dayandı və əmr etdi ki, Babur şah öz əsgərləri ilə ayrıca dayanıb hər tərəfin köməyə ehtiyacı olsa ona qoşulsun. Sıraları düzəltdikdən sonra özbək qoşununun sağından iki yüz nəfər atlı meydana çaparaq soldan Nəcmi-Saninin qoşununa hücum etdilər. O tərəfdə olan Bayram bəy o camaatın şərini dəf’ etmək istəyəndə bir ox yarası ilə yerə gəldi və bu hadisə özbək qoşunlarının cəsarətinin artmasına səbəb oldu. Onlar birbaş İraq və Azərbaycan qoşunları üzərinə çarpdılar. Pis rəftarı, mənsəbpərəstliyi və kəcbinliyinə görə Nəcmi-Saniyə ədavət bəsləyən sərkərdələr döyüş silahlarına əl atmadan qaçmaq səhrasına ayaq qoydular. Nəcmi-Saninin qoşunu məğlub oldu, Babur padşah öz ordusu ilə qalaya üz qoydu. Əmir Qiyasəddin Məhəmməd və Xacə Kəmaləddin Mahmud o həzrətin qoşununun ardınca hərəkət etdilər. Hüseynbəy Lələ və Əhməd bəy Səfi oğlu Kərki kəndinə üz qoydular. Özbək sultanları bayrağının ayparası fəth və qələbə üfüqündən parladı. Mavəraünnəhr qoşunu qətlü-qarətə başladı. Übeydulla xanın əsgərlərindən bir dəstə döyüş meydanında Nəcmi-Saniyə çataraq o cənabı qüdrət pəncəsinin əsiri edib padşahın yanına apardılar. Səfəviyyənin müasirləri olan özbək sultanlarının cığatay dilində yazılmış tarixində qeyd edilmişdir ki: “Əsgərlər Nəcmi-Sanini Übeydulla xanın hüzuruna gətirəndə, xan ondan soruşmuşdur: – Qızılbaş qoşununun başçısı sən idinmi? Nəcmi-Sani demişdir: – Bəli. Übeydulla xan buyurmuşdur: – Xəzar qalasının özbəkləri sənə təslim olduqdan sonra və sən onlara aman verdikdən sonra nə üçün onları qırdırdın? Və nə üçün Qərşini tutduqdan sonra qətli-am əmri verərək oranın çoxu rəiyyətdən və əlsiz-ayaqsızlardan ibarət olan əhalisini qılıncdan keçirdin? Sən hansı qanunun fitvasına əməl edirsən ki, düşmən sənə təslim olub səndən əhdü aman alanda da onu öldürürsən, öz düşmənçiliyində baqi qalanda da? Onda bəs düşmənin sənə nisbət təklifi nədir və sənin düşməndən nə kimi xahişin ola bilər? Sən bu ağıl ilə, bu tədbir ilə istəyirdin ki, başqasının ölkəsini dəxi tutasan? Qərşi rəiyyətini və əlsiz-ayaqsızlarını öldürməyi heç namərd caiz görməzdi. Tutaq ki, bir ölkənin camaatı sizin əqidənizə görə kafirlər qismindən hesab olunurlar. Müqəddəs Allah cənabları, kafirləri öldürməkdə dəxi ifratı haram etmişdir. Bu əziz ayənin mə’nasını bilirsən, ya yox: Nəcmi-Sani susmuşdu. Übeydulla xan soruşmuşdur: – Niyə cavab vermirsən, yoxsa ərəbcə bilmirsən? Nəcmi-Sani cavab vermişdir ki: – Ərəbcə bilmirəm. Übeydulla xan üzünü öz adamlarına tutaraq demişdir: – Mən qızılbaş padşahına təəccüb edirəm: Elə bir adamı özünə vəzir və sərdari-ləşkər etmişdir ki, nə elmi var, nə ağlı var, nə də rəhmi. – Sonra öz əsgərlərinə əmr etmişdir ki: – Aparın və boynunu vurun! Nəcmi-Sani yalvar-yaxar edib demişdir: – Mənim qanımdan keç, sənə əlli min dinar pul verərəm və öz padşahımdan sənin üçün bir əhdnamə alıb verərəm ki, Mavəraünnəhr məmləkəti Xorasan hüduduna qədər sənə və sənin övladına məxsus olsun və qızılbaş ləşkəri tərəfindən sənin mal-qarana heç bir təcavüz olunmasın. Übeydulla xan cavab vermişdir ki: – Sənin əlli min dinarına və sənin padşahının əhdnaməsinə ehtiyacım yoxdur. Mavəraünnəhr məmləkətini Allahın inayəti ilə və öz qılıncımın gücü ilə qoruyacağam. Səni də öldürüb, günahsızların intiqamını səndən alacağam; çünki sənin kimi bir adamı diri qoymaq Allah bəndələrinə qəsd etməkdir. Əgər sən diri qalsan, ehtimal ki, başqa günahsızların dəxi ölümünə səbəb olasan. O, sözünü bitirdikdən sonra Nəcmi-Sanini aparıb boynunu vurmuşlar”. Əziz qardaşım münşi! İndi, düzəldilmiş məclisdəki ürəfadan soruş ki, bu adam şəhid sayıla bilər, ya yox? Təəccüblüdür ki, “Şairlər günəşi” bu adamdan nifrət etməyib onu özünə baba sayır. Halbuki ondan çiyrənməli, ikrah etməli idi. “Şairlər günəşi” cənabları Nəcmi-Saniyə bir başqa sifət dəxi isnad verir ki, Nəcmi-Sanini onun nəzərində qiymətə mindirən də budur; guya Nəcmi-Sani: – mətlə’li tə’rif qəsidəsi üçün Ümidi adlı bir şairə on min dinar ən’am vermişdir. “Şairlər günəşi” istəyir ki, bu əsrin əmirləri dəxi yalan danışmaq üçün nə qədər ən’am vermək lazım gəldiyini bilsinlər və əgər ondan artıq verməsələr də, heç olmazsa az da verməsinlər. Bu sifətin dəxi tə’riflənməyə, yoxsa pislənməyə layiq olduğunu bilmək üçün yenə də tarixlərə müraciət edək. “Həbibüs-siyər”də yazılmışdır: “Həzrəti-Ömərin, Allah ondan razı olsun, xəlifəliyi zamanında Xalid ibn-Vəlidin igidliyi və islam ləşkərinin mərdliyi sayəsində Rus qeysərinin yüz min qoşununa qarşı Həmməs şəhərinin yaxınlığında Əbuübeyd ibn-Cərraha fəth və qələbə üz verdi. Ərəb şairlərindən Əş’əs ibn-Qeys Kəndi, Xalid ibn- Vəlidə onun qəhrəmanlığını və igidliyini tə’rif edən bir qəsidə təqdim etdi. Xalid Əş’əsə on min dirhəm ən’am verdi. Bu xəbər həzrəti- Ömərə çatdıqda onun qan-qaralığına səbəb oldu. O, Əbuübeydə yazdı ki: – Xalidi öz yanına çağırtdırıb buyur ki, sarığını başından götürüb boynuna salsınlar. Ondan soruşsunlar ki, Əş’əsə ən’am etdiyin on min dirhəm hansı mə’xəzdəndir? Əgər desə ki, “islam əhlinin beytülmalından vermişəm”, o zaman aydın olar ki, o xəyanət etmişdir; əgər dilinə gətirsə ki, “öz xüsusi malımdan bağışlamışam”, o zaman aydın olar ki, o, israf etmişdir. Əbuübeyd xəlifənin buyuruğuna əsasən, Xalidi çağırtdırıb soruşdu ki: – Əş’əsin on min dirhəm ən’amı beytülmaldan verilmişdir, ya öz xüsusi malından? Xalid cavab verməyib susdu. Bilal sarığı onun boynuna salaraq dedi: – Əmirəlmö’mininin əmri budur ki, cavab verənədək səni belə saxlayım. Xalid dedi: – O ən’ami mən öz xalis pulumdan vermişəm. Əbuübeyd Xalidi Mədinəyə göndərdi”. Xalid ibn-Vəlid kimi bir pəhləvan bir qəsidə üçün on min dirhəm ən’am verdiyinə görə təqsirləndirildiyi halda, necə ola bilər ki, bir qəsidəyə on min dinar ən’am verən Nəcmi-Sani pislənməsin?! Halbuki Əş’əs, Xalidi misilsiz hünərinə görə tə’rif etmişdi. Aya, Nəcmi-Sanidən nə hünər baş vermişdir ki, o tə’rifə layiq olsun?! İranda Ümidi kimi yalançı şairlər çoxdur. Ağıllı adam yalançılara bu qədər ən’amı nə üçün gərək versin? Bu peşkəş axmaqlıqdan başqa bir şey deyil, çünki yalan ancaq axmaqlara xoş gəlir. Bu on min dinar nə üçün bir xeyir işə, məsələn, müsəlman balalarını tərbiyə etmək üçün məktəb tə’sisinə, adamsızları və müsafirləri müalicə etmək üçün xəstəxanaların tikilməsinə sərf edilməsin? Necə ki, Nizamülmülkdən və Əmir Əlişirdən bu kimi işlər zahir olmuşdu. Binəvalardan zülm ilə alınmış bu on min dinar nə üçün qudurğan nəfsin arzusu ilə yalançılara verilsin; biri zülm çəngində qalsın, digəri isə qızıl sahibi olsun? “Şairlər günəşinin” mərhum babasını tanıdıq. İndi isə kritikanın başlanğıcındakı və’dimizə əməl edib bu şairin qabiliyyətsizliyi xüsusunda sübutlarımızı saymağa başlayaq. İki şey şe’rin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm, Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şe’- riyyətində nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, tehranlı Qaaninin şe’rləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şe’r növündəndir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm, Firdövsinin “Şahnaməsi”, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi, nəş’ə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün fövqündə olub filosofanə xəyal və ilham sahibləridir. Belə şairlərin vəsfində deyilmişdir: “Şairlər günəşinin” qəsidəsinin nə məzmun gözəlliyi vardır, nə də ifadə gözəlliyi. Bu iki nöqsandan başqa onun bə’zi misralarının vəznləri dəxi nöqsansız deyildir. Beləliklə, bu qəsidəni şe’r və sahibini şair adlandırmaq olmaz. Dəlil budur: “Şəmsüş-şüəranın” qəsidəsinin məzmunu başdanayağa bə’zi şeyxi əqaidinə istinad edir. Bu əqidənin doğru və ya yanlış olduğunu tə’yin etməyi üləmaya həvalə edirik; çünki dini əqaidə qarışmaq bizim vəzifəmiz deyildir. Lakin biz bunu deyə bilərik ki, bu əqaiddə qətiyyən qəribəlik və yenilik yoxdur. Onları minlərcə dəfə mənzum və mənsur şəkildə başqaları demişlər və yazmışlar. Qəribəliyi və yeniliyi olmayan bir məzmun isə, adama qətiyyən zövq və fərəh verə bilməz; xüsusilə şe’rdə. Əksinə, belə yazılar bir yeni müctəhidin risaleyi-təharəti kimi çox zəhlə tökən və yaramaz olar. “Şairlər günəşinin” qəsidəsində işlənilən çox zəif sözlər bunlardır: Əzzə və cəllə, əleyhümüssələvat, izzivü lat, mir’at, mabəqi, tərəhhaq, əqarib, vahiyat, xeyrat, təhərrük, həşərat, dəhüdü, mö’tərif, hədiyyə, bəzaət; məzacat və yəhtəmil və sairə. Bu sözlər nəsrdə işlənilə bilər, amma şe’rdə məqbul deyildir; məsələn, “əzzə və cəllə” vaizlərin minbərdə zikr etdikləri sözlərdəndir. “Əleyhümüssələvat” çavuşların Xorasan və Kərbəla zəvvarları qabağında oxuduqları minacatlardakı sözlərdəndir. Habelə başqa sözlər ki, onların mə’nasızlığı sağlam zövq və təb’ sahibləri üçün vazehdir. “Şairlər günəşinin” qəsidəsində vəzn cəhətdən nöqsanlı olan misralar bunlardır: İkinci misra xəfifdir. Birinci misra səqildir. Birinci misra xəfifdir. Hər iki misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra səqildir. İkinci misra, əgər tuba oxunsa səqildir, əgər tubi oxunsa xəfifdir. İkinci misra səqildir. İkinci misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra səqildir. Əgər “Şairlər günəşi” desə ki, bu səqillik və xəfiflik bir növ şe’r səktəsidir və duzlu səktəni şairlər caiz görmüşlər, deyin ki, şairlər qələt eləmişlər. Bizim əqidəmizcə səktə, hər yerdə olursa olsun, duzsuz və zəhlə aparan olur və hər yerdə olursa olsun, şairin acizliyini göstərir. Qəznəvilər və Səlcuqilər zamanında bə’zi şairlər öz qəsidələrində səktəyə yol verirdilərsə də, amma bu üsul get-gedə tərk edildi. Son zamanların şairləri onu tamamilə atmışlar. İndi əgər şe’rdə səktəyə təsadüf olunursa, bu məcburiyyət nəticəsidir; həm də səktə dəxi “Şairlər günəşinin” qəsidəsi yazıldığı müctəs vəznində deyil, ancaq xüsusi vəznlərdə ola bilər; o da bir dəfə, yaxud iki dəfə, bu qədər çox ola bilməz. Və əgər səktəyə yol verilməsini qəbul etsək, heç olmazsa vəzn cəhətdən xəfifliyi olan misraları səktəli hesab edə bilərik; səqil olan misralarda isə, səktəyə yol vermək heç bir vəchlə doğru deyildir. Çünki onların səqilliyinin qətiyyən səktəyə bənzəyişi yoxdur və onların nöqsanı böyükdür. Bu beytin vəzncə nöqsanı yoxdur, lakin məzmunu çox namünasibdir. “Şairlər günəşi” istəyir ki, Allah peyğəmbərlərini də aldatsın ki, bu cəfəngiyata mükafat olaraq onun günahlarını bağışlasınlar. Xeyr, ağa, bağışla! Allah peyğəmbərinin ağlı qəzet münşisinin ağlı kimi deyildir ki, onu aldadaraq qəzetinin bir nömrəsini xərab edib, öz cəfəngiyatını orada çap etmişsən. Xeyr, cənab “Şairlər günəşi”, sənin günahların təmizlənməyəcəkdir. Əgər Allah peyğəmbərinin səndən razı olmasını istəyirsənsə, onun əhkamına əməl et, öz dindaşlarına zərər yetirmə. Bu mübhəm sözün izahı budur: Bir gün evdə oturub Xristofor Kolumbun sərgüzəştini və Amerikanın kəşf tarixini rus dilində oxuyurdum. Həyət qapısının cəftəsi döyüldü. Qulluqçu getdi və Germaniyada birinci Şərq dilləri müəllimi, səyyah general Fişerin adamından bu məzmunda bir kağız gətirdi: “Ey filankəs, sən bilirsən ki, bizim səni görməyə nə qədər şövqümüz var və Tiflisdə qaldığımız bu bir neçə gündə səninlə iki dəfə görüşmüşük. Sən bizi yaddan çıxardın. Axı qəribnəvazlığın qaydası belə olmaz. Xahiş edirəm, sabah günortadan sonra, saat ikidə bizim mənzilə təşrif gətirəsən ki, bir yerdə nahar yeyək və sənin söhbətindən fezy alaq. Sənin dostun: Fişer”. Ertəsi gün və’d edilən saatda general Fişerin mənzilinə getdim. Vilayətin adlı-sanlılarından beş nəfər başqa adam dəxi o məclisdə hazır idilər. Oturduq, nahar yedik, sonra söhbətə məşğul olduq. Söhbət arasında, general Fişer məndən soruşdu ki: – Filankəs, “həşərat” kəlməsinin ərəb dilində mə’nası nədir? Dedim: – “Həşərat” kəlməsi lüğətcə, qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir və fiqh kitablarında verilən şərhə görə budur: İstilahda isə, ağılsız, vəhşi sifətli, bərbəri xasiyyət, şüursuz, mə’- rifətsiz və kövdən adamlara işarədir. Dedi: – Yaxşı dedin. İndi səni dostluğa and verirəm, düzünü de, Quran və ya hədislərdə dini-islamı inkar edənlərin həşərat olduqlarına aid işarət vardırmı? Dedim: – Haşa və kəlla! Nə Quranda bu növ işarə var və nə də hədislərdə. Ancaq Quranda gah-gah bir “ən’am” sözünə təsadüf olunur. Lakin o, həşərat mə’nasında deyildir. Ona görə ki, bəni-növi-bəşərin fəziləti xüsusunda açıq ayə vardır: Mənim fikrimcə bu ayeyi-şərifə sizə şamildir; çünki bu gün quru və dəniz sizinlə təsxir edilmişdir və siz cürbəcür ne’mətlərdən bəhrələnirsiniz və zahirən siz elm və qüdrətcə dünya xalqlarının çoxundan fəzilətsiniz. Sizi necə həşərat saymaq olar? Bu qədər var ki, biz öz dinimizi inkar edənləri kafir adlandırırıq və axirətdə əzaba layiq bilirik. Dedi: – Bunun o qədər də əhəmiyyəti yoxdur. Qoy biz öləndən sonra cəhənnəmə, dərəki-əsfələ gedək. Qorxumuz yoxdur və sizin bu e’tiqadınız bizi qətiyyət kədərləndirmir. Biz də öz dinimizi inkar edənləri azğın sayırıq. Heç kəs öz ayranına turş deməz. Lakin istədiyimiz budur ki, siz bu dünyada bizi “həşərat” adlandırmayasınız. Dedim: – Ağa, biz nə zaman sizi “həşərat” adlandırmışıq? Necə ola bilər ki, biz sizə “həşərat” deyək?.. Fişer bir xeyli gülüb dedi: – Mən sənə inanıram, amma bu beytə nə deyirsən: Yə’ni sizin peyğəmbərinizə müt’i olanlar insandırlar, biz isə həşəratıq. Dedim ki: – Bu beyti siz harada görmüşsünüz? Bu vaxta qədər belə bir beyt şe’r kitablarından heç birində mənim nəzərimə çatmayıb. Dedi: – Budur bax, bu qəsidədə. Qəzeti alıb oxuduğum zaman ürəyim elə sıxıldı ki, qan başıma vurdu, xəcalətdən başımı aşağı saldım və mat-mütəhəyyir qaldım. Bir andan sonra bu ifadəyə görə çarəsiz üzr istədim ki: – Bu şair dəlidir. Onun sözünə e’tina etməyin. Qəsidəsindən mə’- lumdur ki, qətiyyən şairlik qabiliyyəti yoxdur. Fişer dedi: – Necə şairlik qabiliyyəti yoxdur ki, “Şəmsüş-şüəra” ləqəbi almışdır, bütün şairlərin başçısıdır? Dedim: – Xeyr, elə güman etməyin. Bizim adətimizdir, ləqəb verərik, amma onun mə’nasını nəzərə almarıq və münasibətini düşünmərik. Dedi: – Bu nə sözdür? Tutaq ki, sizin adət belədir. Amma sizin adətiniz ki, başqaları üçün dəlil ola bilməz. İran millətinin müasiri olan əcnəbi millətlər heç olmazsa, bu ləqəbin mə’nasını nəzərdə tutub bu münasibətlə mülahizə edəcəklər və deyəcəklər ki: – Gör bu əsrdə İranın dövlət rəhbərləri şe’r fənnindən nə dərəcədə xəbərsizdirlər ki, belə qabiliyyətsiz bir adama “Şəmsüş-şüəra” ləqəbi veriblər! İran xalqlarının gələcək nəsli bu əsrə nisbətən elmdə tərəqqi edəcək və bu zamanın tarix və ədəbiyyatında bu qabiliyyətsiz şairin şe’rlərini görüb heyfsilənəcəklər ki, onların ataları belə bir şairi öz əsrlərindəki şairlərin başçısı hesab etmiş və ona elə bir ləqəb vermişlər ki, bu ləqəb ancaq Nizami və Hafizə layiqdir. Əgər bu şair sənin dediyin kimi doğrudan da dəli isə, o, dəlilikdə tək deyildir. Mənim e’tiqadımca qəzetin münşisi də onun kimi dəlidir ki, onun bu cür cəfəngiyatına öz qəzetində yer vermiş və onu həm məmləkət daxilində, həm də xaricdə intişar etdirmişdir. Hal-hazırda ruznameyi-milləti- İran Avropa dövlətlərindən hər yerə göndərilir və o dövlətlərin paytaxtlarının hər yerində bu qəzeti oxuyurlar. Aya, bizə “həşərat” ləfzini isnad verib, bizim xatirimizi incitməkdən İran millətinə nə fayda hasil olur? Aydındır ki, siz bu sözün lüğəti mə’nasını nəzərdə tutmursunuz. Ona görə ki, axı, biz həqiqətdə siçan və kərtənkələ deyilik. Sizin məqsədiniz bu sözün istilahi mə’nasıdır; yə’ni biz sizin nəzərinizdə ağılsız, vəhşisifət, bərbəri xasiyyət, şüursuz, mə’rifətsiz və kövdən adamlarıq. Sən özün insaf elə, heç rəvadır ki, Volter, Monteskyö, Russo, Düma, Suverno, Humbolt, Lüviyer, Vat, Fenelon, Bokl, Şekspir, Volney, Bayron və kimləri, yazıçıları, şairləri, tarixçiləri və ixtiraçıları həşərat qismindən sayılsın, amma Süruş adlı faydasız, müzür bir şəxs və onun kimilər insanlar sırasına salınsınlar? Sizin millətin şairinin bizə verdiyi bu isnad, bizim şə’nimizdə heç bir şey əskiltmir. Onun zərəri yenə sizin özünüzə dəyir ki, biz hər yerdə sizə alçaq gözlə baxacağıq, sizin ağlınızı uşaq ağlı səviyyəsində biləcəyik və sizə güləcəyik. Dedim: – Doğru buyurursunuz. Gərək qəzet münşisi belə cəfəngiyatı çap edib intişar etməyəydi. Amma bu xüsusda onu müqəssir saymayın, həmin evi yıxılmış şair, onu aldatmışdır və onu məcbur etmişdir ki, bu cəfəngiyatını aləmə yaysın. Münşi bu beytin mə’nasını anlamamış deyil, lakin qorxudan bu işə iqdam etmişdir; çünki Tehran münşiləri həmişə saray şairlərindən qorxurlar. İnşaallah bundan sonra münşi tərəfindən qəflət və təcrübəsizlik sadir olmaz. Məclis qurtardı. Fişerin mənzilindən çıxdığım zaman yolda bu sözlər dilimdən düşmürdü: – Vay Süruş, vay Süruş, vay evi yıxılmış Süruş! Bu nə rüsvayçılıqdır ki, sən bizim başımıza gətirmisən? Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən, yadların məzəmmət, təhqir və ədavətinə layiq edirsən? Siz bizim başımıza nə bəla oldunuz? Bir tərəfdən öz kitablarınızda açıqdan-açığa xəlifələrə lə’nət və tə’nə edən sözlər nəşr edərək Əfqanıstan, Hindistan, Türküstan, Rum və Qafqazda intişar etdirirsiniz, bizim canımızı, malımızı və əsir olmağımızı bu ölkələrin xalqlarına və Dağıstan əhalisinə halal edirsiniz, o biri tərəfdən də dünyanın bütün xalqlarını murdar və həşərat hesab edib, onlara yaxınlaşmaqdan və onların bişmişlərini yeməkdən çəkinməyi bizim üçün vacib sayırsınız və bizdə onlara qarşı kin oyadırsınız. Elə bil, bütün dünya tikanlıqdır, təkcə siz bir dəstə qızılgülsünüz ki, bu tikanlığın ortasında bitmişsiniz! Sizin əlinizdən dünyanın hansı tərəfinə baş götürüb qaçaq?! Sizin bu cür əqidənizin nəticəsi o olacaqdır ki, get-gedə dünyanın bütün millətləri bizimlə ədavət edib zəlil və məhv olmağımızı istəyəcəklər. Biz də bəni-İsrail kimi olacağıq ki, onlar özlərini şahzadə və ağa sayıb dünyanın cəmi başqa millətlərini öz qulları zənn edirdilər. Bu e’tiqadla onlar bütün millətləri özlərinə düşmən edib nəhayət özlərini zəlalətə və əsarətə salmış oldular. Və bu vaxta qədər də bu zəlillik və köləliyin səbəbini anlamamışlar. Evə çatan kimi bu kritikanı yazmağa başladım. Elə həyəcanlı idim ki, qələmimdən nə çıxdığını bilmirəm. Ey mənim əziz qardaşım münşi! Başqalarına ibrət və tənbeh olmaq üçün sənə lazımdır ki, bu kritikanı qəzetin bir neçə nömrəsində çap edəsən və ölkənin daxilində yayasan; lakin o nömrələrdən xaricə göndərmə. Süruşa da de ki, bundan sonra bir də bu cür işlər görməsin. Bir də gərək sən “Millət” qəzetinin vəzifələrini biləsən. Məsələn: “Millət” qəzetində birinci – xarici politika işlərini bəyan etməlisən. İkinci – İran dövlət rəhbərlərinin ölkənin intizamı, millət və məmləkətin faydaları xüsusunda gördükləri tədbirlər haqqında yazmalısan. Üçüncü – bə’zi teleqraf xəbərlərini aydın xətt ilə yazmalısan. Dördüncü – daxili xəbərləri və hadisələri qeyd etməlisən ki, Təbrizdə vəbanın şiddəti nə dərəcəyə yetmişdir və həkimlər onun əmələ gəlməsinin səbəbini nədə görürlər və təcrübəyə görə müalicələrin nə faydası olmuşdur və bu xəstəlikdən nə qədər adam ölmüşdür və bu xəstəliyə tutulanlardan nə qədəri sağalmışdır; gərək xəstəlik baş verəndə hər kəsdən əvvəl qaçıb adamları qorxuya salan üməraya və mənsəb sahiblərinə, dövlətdən maaş alıb padşahın rəiyyətlərini himayəsiz buraxan və özlərinin nəcatını hər şeydən artıq bilən həkimlərə töhmət yazasan, bu hadisədə xalqa ürək verən və öz vəliyyünne’mələri olan padşahın xidmətini öz canlarını qurtarmaqdan üstün tutan və vilayətdən xaricə çıxmayıb adamları himayə edən və onlara pərəstar olmaq üçün hümmət sərf edən üməraya və rütbə sahiblərinə təşəkkür edəsən. Məsələn, Mirzə Əbdülvahab xan naibül-vüzəra kimilərə ki, gənclik çağında və kamranlıq mövsümündə xətərdən qətiyyən qorxmayıb, igidlik göstərmişdir, vəbanın əvvəlindən axırına qədər öz yerini boş qoymayıb millət və ölkə qarşısında vəzifəsinə əməl etmişdir. Beşinci (başlıca və ən əhəmiyyətli iş budur) – İranın ticarət və əkinçiliyinin yüksəlməsi, onun mə’dənlərinin kəşfi və işə salınması, susuz və əkilməyən çöllərin suvarılması haqqında, ülum və fünun və sənaye haqqında, xüsusilə məktəblər açmaq və uşaqların tərbiyəsi işinə əhəmiyyət verilməsi və bunun kimi məsələlər haqqında özünün və ya qeyrilərinin fikir və tədbirlərini göstərməlisən. Katib Çələbinin ifadəsinə görə: Avropa xalqları elm və fənləri sayəsində – ki onların ən başlıcası matematika və coğrafiyadır – dünyanın hər tərəfini istila etmişlər və Yer kürəsinin hər tərəfində zirəklik və yeganəlik təblini çalırlar. Bunlarla yanaşı olaraq oxucuları fərəhləndirmək və yeni tərbiyə tapan gəncləri təşviq etmək üçün alimlərin, fazillərin, filosofların, həkimlərin, şair və ordu sərkərdələrinin ən məşhurlarının həyatını dəxi yaza bilərsən. Onların əsərlərindən, yazılarından və fikirlərindən parçalar, hünərlərinə dair misallar yazmalısan və müasirlərin bə’zi əsərləri və fikirləri haqqında dövlət başçılarının, vilayət hakimlərinin və ordu başçılarının tədbirləri xüsusunda kritika nəşr etməlisən. Bunları özün də yaza bilərsən, başqalarına da yazdıra bilərsən. Çünki sənin qəzetinə azadlıq icazəsi verilmişdir, hətta sən qəzetində mümkün qədər hökumət adamlarının və əmirlərin və hakimlərin və sərkərdələrin və cəmi mənsəb sahiblərinin və üləmanın işi və rəftarı haqqında da yazmalısan; məsələn, qəzet Mazəndəranda padşah rəiyyəti olan yəhudilərin + öldürülməsinə səbəb olanlar barəsində kritikadan da xali olmalıdır ta ki, bu şəxslər bilsinlər ki, onların heç bir hərəkəti gizli qalmayacaqdır, ayılsınlar, bədnamlıqdan qorxsunlar və vəzifələrinin icrasında padşahın və öz vəliyyünne’mələrinin razılığına, millət və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər. Ədalət və insafın doğru yolundan çıxmasınlar. Gərək sənin qəzetin bundan qabaq İranda mə’mul olan müxtəlif yazılarla hərf mətbəəsində çap olunsun, necə ki, Mənuçehr xan haman hərfli mətbəədə bir neçə cild kitab çap etdirmişdi. Daş mətbəəsi mə’nasız və boş işdir. Hələ onun hər cür çapının səhvsiz olmadığını nəzərə almasaq da, çox vaxt sözlər çapdan aydın çıxmır və min nüsxə, ya az, ya çox çap edildikdən sonra, hərflər daş üzərində sürtülür və daha işə yaramır. Əgər sən bu şəkildə qəzet yazsan, zaman keçdikcə sənin oxucularının sayı on minə çatacaq və bəlkə daha çox olacaqdır; həm özün bol mənfəətə çatacaqsan, həm də millətə çox fayda verəcəksən. Xudahafiz. * * * Mirzə Ağanın pyesləri haqqında kritika Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin. Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız. Amma hələlik işinizin başlanğıcı olduğu üçün, gərək mən əsərinizin bə’zi nöqsanlarını sizə göstərəm ki, bundan sonra gözüaçıq olasınız; tainki, bu fənnə dair yazdığınız əsərdə nöqsan tutulacaq yer qalmasın və sizin əsəriniz xass və avamın xoşuna gəlsin. Nöqsanları saymağa başlamazdan əvvəl bilmək lazımdır ki, t e a t r nə olan şeydir. Teatr – uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlara bitişmiş olur, altlı-üstlü lojaların üzü dördüncü tərəfinə baxır. Ölkənin əhalisi – əşrafdan, tacirlərdən tutmuş kasıblaradək hər sinif adamlar – keyfi istəyəndə kişili-qadınlı giriş haqqı vermək şərti ilə gecələr bu salona daxil olub, bə’ziləri lojalarda, bə’ziləri isə parterdə oturub tamaşa edirlər. Ölkənin padşahı da hərdənbir teatra təşrif gətirib, öz əyalı və uşaqları ilə bərabər ona məxsus olan lojada oturur. O vaxt drama sənətinin ustadları – ki fransızca onlara a k t y o r deyirlər, – hər birisi xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan tə’yin olunmuş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar isə onların danışıqlarına qulaq asırlar. Beləliklə, pyesin məzmununda qətiyyən ədəbsiz sayılan keyfiyyətlər, sözlər və hərəkətlər olmamalıdır. Buna görə də “Əşrəf xan” pyesində xəla, nəcis və... sözlər yolverilməzdir və dəyişdirilməlidir. İndi də nöqsanlara keçək. B i r i n c i: Drama sənətinin şərtləri tələb edir ki, məclis üzvlərinin hər birinin işi onun danışıqlarından tamam diqqətlə seçilsin; məsələn: məclis üzvünün hərəkətini göstərmək istədikdə onun adını sətrin üstündə, ayrıca yazmaq lazım deyil, gərək bu ad adamın işinə aid olan sətrə yapışıq yazılsın. Məclis üzvünün mükaliməsi yazılarkən, onun adı sətrin yuxarısında ayrıca yazılmalıdır. İ k i n c i: Pyesdə sözü, ya işi olan hər bir iştirakçının adı əsərin başlanğıcında yazılmalıdır. Məsələn: Saranın anası Şərəfnisənin və habelə Fəramərzbəyin adı başlanğıcda yazılmalıdır ki, Tuti xanımın kim olduğu mə’lum olsun. “Əşrəf xan” pyesində sözü və işi olan bə’zi fərraşların adları da əsərin başlanğıcında yazılmamışdır. Ü ç ü n c ü: Drama sənətində qayda budur ki, əgər mümkünsə, tamaşanın sonunda bütün iştirakçılar bir yerə yığışsınlar; əgər onların hamısının yığışması mümkün olmasa, ən azı üçdə iki hissəsi tamaşanın sonunda bir yerə yığışıb, sözlərini sona çatdırmalı və pyesi bitirməlidirlər. Amma sizin pyeslərinizdə iştirakçılar tamaşanın sonunda bir yerə yığışmırlar. D ö r d ü n c ü: Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir. Belə olduqda Əşrəf xanın yanında bir müşavir də olmalıdır ki, Əşrəf xanı pul verməyə məcbur etdikləri zaman, həmin müşavir xanın Ərəbistan rəiyyəti ilə rəftarını bir-bir onun üçün saysın; məsələn, əsərin başlanğıcında yazmışsınız ki, guya Axund Möhsün, Əşrəf xanın müşaviri və onun oğlunun müəllimi olduğu üçün, xan onu da özü ilə paytaxta gətirmişdir. Əşrəf xan Şəxsi-əvvəlin və müstövfi Tərrar xanın zülmündən dadü-fəryad etdiyi zaman, Axund Möhsün ona deyir: A x u n d M ö h s ü n – Xan, mən dəfələrlə sizə demirdimmi ki, filan yerin rəiyyəti ilə belə-belə rəftar etmə, boynuna vəbal alma, bu yazıqların ahü naləsi nəticəsiz qalmayacaqdır?! Hər dəfə bu cür şeylər vasitəsi ilə, müxtəlif ibarələrlə Əşrəf xanın Ərəbistandakı işlərini və hərəkətlərini qulaq asanlara açıb bildirmək lazımdır. Əşrəf xan isə, Axund Möhsünün məzəmmətlərinin cavabında gərək müxtəlif yollarla özünün Ərəbistandakı işindən və rəftarından heyfsilənib, peşmançılığını bildirsin. Bundan başqa bir cür edin ki, Əşrəf xan bütün pullarını verib, borclu da düşsün, ehtiyacda da qalsın: Ərəbistandakı iş və rəftarına görə lap ürəkdən peşman olub, bir də hökumət xələti geyməsin, ona kədər və peşmanlıqdan başqa bir şey bağışlamayan hakimlik və əmirlikdən tövbə etsin və öz Allahı ilə əhdü peyman eləsin ki, əgər bu fəlakətdən xilas olsa, gedib öz atadanqalma mülkündə oturacaq, belə e’tibarsız və nizamsız bir dövlətin bütün ad, şöhrət və cahü cəlalından tamahını kəsəcək və ömrünün sonuna kimi güşənişin olacaq. Bundan sonra bir növ ilə onu azad edin. Səkineyi-Kaşinin əhvalatını bu pyesdən atmaq və Əşrəf xanı ağıllı, abırlı bir adam etmək lazımdır. Kətxudanın naibi Əşrəf xandan pulu başqa bəhanə ilə istəməlidir. Digər tərəfdən elə edin ki, Şah bir bəhanə ilə Şəxsi-əvvəlin və Tərrar xanın üstünə qəzəblənsin, onların bütün əmlakının əllərindən alsın və onları müflis və rüsvay etsin ki, dünya və axirətin zərər görmüşləri olsunlar; necə ki, bunu dəfələrlə görmüşük. Mirzə İbrahim xan Şirazi, Mirzə Əbülqasım Fərahani, Mirzə Tağı xan, Mirzə Ağa xan və başqalarının aqibətinin necə olduğunu kim bilmir? Beləliklə, sizin əsəriniz oxuculara və qulaq asanlara ibrət verə bilən kamil bir əsər olacaqdır; elə bir əsər ki, bütün İranda misli-bərabəri tapılmaz. B e ş i n c i: O dostunuz ki, Şeyx Sə’dinin tülkü hekayəsini sizə xatırlatmışdır, haqqı vardır. Müasirlər haqqında bu kimi şeyləri yazıb intişar etdirmək təhlükəlidir. Xüsusilə İran kimi bir ölkədə ki, fikir sahiblərinin əsərlərini çap etmək işinə hələ də mütləq azadlıq verilməmişdir. Bəs necə olsun? Mətləb çox ümdədir, yazılması çox vacibdir... Əlacı asandır. Hadisənin əmələ gəlməsi tarixini, dövlətində qaydaqanun olmayan Şah Sultan Hüseyn Səfəvinin əsrinə atın, guya onun padşahlığı zamanında Əşrəf xan Ərəbistandan gəlir və o bəlaya düçar olur. O halda heç kəs sənin yaxanı tuta bilməyəcək və müasirlər də bu əhvalatdan öz hesablarını aparacaqlar. Əgər belə bir mübahisə baş versə ki, Şah Sultan Hüseyn çox sağlam nəfsli idi, o, Şəxsi-əvvələ və Tərrar xana qəzəblənməz, cavab vermək olar ki, Şah Sultan Hüseyn malik olduğu o sağlam nəfsi ilə öz Şəxsi-əvvəlini bədbəxt etmiş və böyüklərdən çoxunu öldürmüşdür. Qəzəblənmək həmişə acıqdan olmur, süstlükdən və qayda-qanunsuzluqdan dəxi əmələ gəlir. Bununla belə, əgər mübahisə yeri varsa, Şah Sultan Hüseynin əvəzinə başqasını yazın; birinci Şah Abbasdan başqa ki, onun dövləti qayda-qanunlu idi. Əgər Əşrəf xanın adı müasirlər arasında tanınmışdırsa, dəyişin. Məsələn, Heydər xan, ya Rüstəm xan deyin; paytaxt da ki, İsfahandır. Bu pyesdə bu məsələni də unutmayın ki, Əşrəf xan gecə vaxtı öz xidmətçisi ilə danışdığı zaman səhərin açılmasına işarə edilməlidir ki, sübh açılan kimi onun divanxanaya getməsi mümkün olsun. Məgər o, gecə getmişdir? Bir də hər yerdə və hər zaman teatr məclisinin vəziyyəti şərh olunmalıdır. Məsələn, Əşrəf xan istəyir Şəxsi-əvvəlin divanxanasına yola düşsün. Bu halda divanxananın quruluşunu təsvir etməlisiniz ki, drama sənəti ustadları, yə’ni aktyorlar – ki, teatrda hadisənin tamaşasını göstərirlər, – sizin təsvirinizə uyğun olaraq teatr səhnəsinin quruluşunda dəyişiklik yaradıb, qabaqca Əşrəf xanın mənzili olan quruluşu bir anda dəyişib Şəxsi-əvvəlin divanxanası şəklinə salsınlar. A l t ı n c ı: Kövkəb və dəhbaşı Qasımın əhvalatı sizin bütün pyeslərinizdən daha gözəl və məzəlidir. Bu pyesin adını – “Sərgüzəştidəhbaşı Qasım və Kövkəb” qoyun; çünki Zaman xanın bu pyesdə bir o qədər rolu yoxdur. Sonra elə edin ki, Hacı Rəcəb öz işindən peşman olsun, fahişəbazlığı və şərab içməyi tövbə etsin, özünü də bir qədər cavan göstərin. Bundan başqa, Kövkəb rəğbət oyatdığı üçün, onun hüsn, gözəllik və məlahətini bir az artıq tə’rif edin və geniş surətdə yazın ki, guya o özü Hacı Rəcəbin Tavusa meyl etməsindən şübhələnərək onu öz görüşündən məhrum etmişdir. Hacı Rəcəb öz ixtiyarı ilə ondan uzaqlaşmamışdır və həqiqətdə Tavusa meyli yoxdur, bəlkə Kövkəbin məhəbbətindən aramsızdır. Və axırda elə edin ki, Kövkəb Hacı Rəcəbin səxavətindən və igidliyindən artıq dərəcədə mütəəssir olub, hiylə işlətməyinə ürəkdən peşman olsun. O, Hacı Rəcəbə bu hünərsiz, can bəsləyən, qeyrətsiz, mürüvvətsiz hakimlərin zülmündən şikayət edib desin ki, onlar gör necə namərd, nanəcib və rəzildirlər ki, cürbəcür şər-şıltaq yolu ilə öz rizqlərini biz yazıqların kürəyindən çıxarırlar. Halbuki, ölkənin ticarətinə və əkinçiliyinə rövnəq və rəvac verib, kəndlərin abadlığına və tə’mirinə çalışmaqla həm özləri faydalana bilərlər, həm də başqalarına fayda yetirə bilərlər. Bundan sonra Kövkəb Hacı Rəcəbdən xahiş etsin ki, onu qaravaşlığa qəbul edib, kəbinini kəsdirsin, bir parça çörəyini ondan əsirgəməsin, onu alçaq təbiətlilərin pəncəsindən xilas etsin və ona bu dünyanın rüsvayçılığından və axirət əzabından nicat versin. Hacı dəxi bu söhbəti Allahdan istəyirmiş kimi çox şadlıqla, bu təklifə razılıq verir və onu arvadlığa qəbul edir. Pyes tamam olur. Bütün bu əhvalat şirin və tə’sirli ibarələrlə ifa edilməlidir. İnşallah, bu ibarələrdə sizin qələminizin gücünü görəcəyik. Amma Kövkəb öz hiyləsini Hacı Rəcəbə xəbər verməlidir; yoxsa məhəbbət ədavətlə əvəz olunar. Sizin zəhmətinizi təzələdiyim üçün darıxmayın və əsəri yazmaqda tələsməyin. Bu əsərdir, sizdən əsrlərlə yadigar qalacaqdır; gərək mükəmməl, nöqsansız və xoşagələn olsun. Bununla belə dünya mənfəəti də nəzərdə tutulur; məsələn, əgər sizin əsəriniz xoşagələn, şövqləndirən və fərəhləndirici olsa, çap edildikdən sonra hər tərəfdə min-min alıcısı tapılacaqdır. Nə işlə məşğul olacaqsınız ki, bundan yaxşı olsun? Drama sənəti şərtlərinə görə fahişəbazlıq əhvalatı yolverilməz olduğu üçün onun şəbihini teatra gətirmək olmaz. Ancaq belə şeyləri oxumağın o qədər də eybi yoxdur. Ona görə ki, sizin məmləkətinizdə hakimlərin şər-şıltağı məhz bu qəbildəndir və bu hadisələri yazmaq vacib işlərdəndir. Digər tərəfdən isə, onu İranda tamaşaya qoymağın ehtimalı təsəvvürə gəlmir; çünki orada hələ teatr yaradılmamışdır. Kövkəbin əhvalatı xüsusilə çox şirin yazılmışdır. Hilə və tədbir cəhətdən drama sənətinə çox uyğunluğu vardır, ancaq bir yerindən başqa... Qulaq asın! Yazdığım səbəbə görə Kövkəbin sərgüzəştini teatrda tamaşaya qoymaq olmaz. Amma bu sərgüzəşt dəxi drama şəklində yazıldığı üçün, mütləq onun bütün şərtlərinə uyğun olmalıdır və bu şərtlərdən qafil olmaq heç bir vəchlə mümkün deyildir. Oxucu düşünməməlidir ki, müəllifin drama sənətindən xəbəri yoxdur. Bu sərgüzəştdə sizin həmin şərtlərdən qəflətiniz nədən ibarətdir? Baxın, mən sizə göstərim: Kövkəb Hacı Rəcəbə məktub yazır və onu Ağabacıya oxumur. Hacı Rəcəb də məktubu karvansarada yavaşdan oxuyur ki, Yəzdanbəxş və karvansara camaatı eşitməsinlər. Beləliklə, teatr salonunda əyləşən adamlar eşidib bilmirlər ki, Kövkəb nə yazmışdır. Digər tərəfdən də Hacı Rəcəb cavab yazır, onu karvansarada Ağabacıya oxuya bilmir. Ağabacı cavabı gətirib Kövkəbə verir, Kövkəb dəxi Hacı Rəcəbin cavabını Ağabacıya oxumur. Beləliklə, teatr salonunda olanlar genə də eşidib bilmirlər ki, Hacı Rəcəb nə cavab yazmışdır. Əsərin bu yerini belə islah edin: Kövkəb məktubu yazıb qurtardığı zaman, Ağabacıya müraciət edib deyir: K ö v k ə b – Qulaq as, gör Hacı Rəcəbə nə yazmışam! Məktubu oxumağa başlayır. Sonra Ağabacı gedir. Ağabacı getdiyi zaman teatr səhnəsinin quruluşu dəyişib sizin təsvirinizə görə karvansara və Hacı Rəcəbin hücrəsi görünməlidir. Ağabacı Hacı Rəcəbin cavabını gətirdiyi vaxt yenə Kövkəb Ağabacıya üz tutub deyir: K ö v k ə b – Ağabacı, qulaq as, gör Hacı Rəcəb nə cavab yazmışdır! Cavabı oxumağa başlayır. Burada dəxi teatr səhnəsinin quruluşu dəyişilir, yenə Kövkəbin mənzili görünür. Bununla da teatrda olanların hamısı eşidib bilmiş olur ki, Kövkəb nə yazmışdı və Hacı Rəcəb nə cavab vermişdi... Hacı Rəcəbin cavabının məzmununu karvansarada yazmaq lazım deyildir. Yalnız bu kifayətdir ki, Hacı Rəcəb cavab yazıb, Ağabacıya verir. Və cavabın məzmunu Kövkəb oxuduğu zaman veriləcəkdir. Bir də Ağabacı yolda nə deyibsə (məsələn: “hiyləgər arvadların atasına lə’nət!” və s.), teatrda oturanlar eşitmirlər. Bunu da belə islah etmək lazımdır: Məsələn, Ağabacı bu sözləri yolda demir. O, Kövkəbin otağına girir. Guya Kövkəb hələ otaqda deyil, həyətdə, ya mətbəxdədir. O vaxt Ağabacı bu sözləri deyir: – A ğ a b a c ı – Hiyləgər arvadların atasına lə’nət!.. və ilaxır. Bununla da teatrda olanlar Ağabacının sözlərini tamamilə eşidir. Bundan sonra Kövkəb otağa daxil olur. Müxtəsər, belə məsələləri həmişə nəzərdə tutmalısınız. Gərək teatr məclisi həmişə gözünüzün qarşısında olsun; məsələn, Əşrəf xan qalxdığı zaman “bismillah!” deyib sonra əlavə edir: “Allah, sən məni bu adamyeyən qurdların əlindən qurtar!”. Teatrda olanlar bu sözləri eşitməlidir. Bu surətdə onun gedib Şəxsi-əvvəlin divanxanasına girməkdən ibarət olan işini onun sözündən ayrı yazmalısınız. Bundan başqa “Sərgüzəşti-Kövkəb” drama fənni şəklində yazılmış olsa da, onun əvvəlində teatr tamaşasına qoyulmaq üçün deyil, oxunmaq üçün yazıldığına işarə edin; çünki bu sərgüzəşt bə’zi keyfiyyətlərə görə teatrda oynanılmağa əlverişli deyildir. Bunu bildirməkdən məqsədim odur ki, oxucu bilsin ki, siz drama fənni şərtlərinə vaqifsiniz, fahişə və fahişəbazlıq əhvalatını nəql etməyin eyib olduğu sizə mə’lumdur. Bundan başqa, Kövkəb öz otağında məktub yazanda və Hacı Rəcəb öz hücrəsində cavab yazmaqla məşğul olanda səhnədə tamaşaçıların qarşısında sükut və səssizlik olmamalıdır. Kövkəbin otağında Kövkəb məktubu bitirincəyə qədər Ağabacını kənizlə söhbətə məşğul edin ki, Kövkəb məktubu qurtarsın, Hacı Rəcəbin hücrəsində isə, Hacı Rəcəb cavabı yazıb bitirənə kimi Yəzdanbəxşi Ağabacı ilə söhbətə məşğul edin. Bu keyfiyyət hər yerdə sizin nəzərinizdə olmalıdır; yə’ni səhnədə pərdə endirilmədikcə, tamaşaçıların qarşısında qətiyyən sükut və səssizlik üz verməməlidir, onlar həmişə dinləyici halında olmalı və müttəsil bir şey eşitməlidirlər. Y e d d i n c i: Ağa Haşım sərgüzəştində o, yoxsul və malsız olduğundan, elə edin ki, barı ağıllı, savadlı və vüqarlı görünsün; çünki oxucu və qulaq asan ona maildir və onun xoşbəxt olmasını istəyir. Belə olan surətdə onun ayaqlarını fələqqəyə saldırmağınız və onu dəli kimi göstərməyiniz məsləhət deyildir. Bir də onun sevgilisini su gətirmək üçün çeşmə başına göndərməyin, onların bir-biri ilə görüşməsini elə yerdə göstərin ki, onların heç birinin təhqirinə səbəb olmasın. Bundan başqa, Sara suzmanilər kimi və bəlkə onlardan daha artıq utanmaz və həyasız bir qız kimi görünməkdədir. Bu sifət qızların təbiətinə ziddi və drama fənninin şərtlərinə müxalifdir. Elə edin ki, Sara həyalı və ismətli görünsün. Buna görə də onun anası ilə və başqaları ilə danışıqlarını dəyişdirin; tiryək atmağını, saçlarından bir çəngə qoparmağını və Güləndam bacının ayağını öpməyini yazmayın. Sara yalnız Ağa Haşımla azadə danışa bilər və könlü istəyəni deyə bilər. Bundan başqa, əziz qardaşım Mirzə Ağa, başlıca səhv və drama fənni əsaslarına bilmərrə uyğun olmayan cəhət budur ki, Hacı Pirqulu Ağa Haşıma deyir: – Qızım Saranı mən özüm alacağam və heç kəsə verməyəcəyəm. Eyvah!.. Heç belə sözləri teatr səhnəsində ata öz qızı haqqında deyə bilərmi?! Mütləq bu sözləri dəyişdirin! Bundan başqa, Ağa Haşımın yoxsulluqdan qurtarması üçün də bir fikir etmək lazımdır; məsələn, ona gəlin gətirmək üçün bir toy məclisi qurun və onun dostlarından, tanışlarından bir dəstə o məclisdə hazır edin, keyf zamanı guya hakim tərəfindən onun yanına bir fərraş göndərilir ki, ona desin: – Ağa Haşım, gözün aydın, sənin Həştərxanda ticarətlə məşğul olan əmin filankəs vəfat etmişdir, varisi olmadığı üçün əlli min tümən miqdarında olan bütün sərvətini sənin adına vəsiyyət etmişdir, varyoxunu Rəştdə rus konsulxanasına göndəriblər, gərək təhvil alasan! Məclisdə oturanların sevinc səsləri yüksəlir. Sərgüzəşt qurtarır. S ə k k i z i n c i: “Sərgüzəşti-Şahqulu Mirzə” başdan-ayağa pisdir. Onu yandırın. Təfəkkür sahibinə bu kimi şeylər yazmaq layiq deyildir. Eyrəc Mirzə pis hərəkət etmişdir və öz əmisinin başına rüsvaylıq gətirmişdir. Vəssəlam. Bu kimi hərəkətlər insanlar arasında ümumi bir şey deyildir; çox şit, yersiz və məzəsiz oyuncaqdır ki, drama fənninin əsaslarına ziddir, eşidilməsi zövqlərin çoxuna xoş gəlməz. Xüsusilə hal-hazırkı səltənət xanədanı fərdlərindən birini rüsvay etdiyi üçün bundan xətər də gələ bilər... Ümidvaram ki, öz əsərlərinizi göstərdiyim qərar ilə təkmilləşdirib çap edəcəksiniz; bundan sonra da bu cür əsərlər yazmaqla məşğul olub, yeni ərsəyə gələn iste’dadlı gənclərə də drama fənnini öyrədəcəksiniz ki, onlardan hər biri, avropalıların nəzərində sənətlərin ən şərəflisi olan bu fəndə bir şey düşünərək yazsınlar. Bəlkə sizin hümmətiniz sayəsində bu gözəl fənn və bu yeni yazı üsulu bizim millətimiz arasında da şöhrət tapsın və hər kəsə mə’lum olsun. Avropada bu fənnin yazıçılarından hər biri öz iste’dadına görə ali rütbələrə çatmış, yüksək ad, fövqəl’adə şöhrət qazanmış və padşah saraylarına yaxın adamlar olmuşdur; millətin o dərəcədə tə’zim və təqdirini qazanmışlar ki, öldükdən sonra millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yə’ni abidələr tikmişlər. Molyer və Şekspir bu kimi tə’zimə layiq şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur. “Gülüstan” və “Zinətül-məcalis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır. Bunu, səfarətxanalarında işlədiyiniz firənglərdən şifahən soruşun, sizə bəyan eləsinlər. Mənim məktublarımın çatması haqqında mənə mə’lumat verin və bundan sonra öz məktublarınızı məndən əsirgəməyin. Sizin əziz canınıza and içirəm ki, siz məni o qədər şad eləmisiniz ki, uzaqdan gözlərinizi öpürəm. 28 iyun, 1871-ci il, Tiflis ətrafındakı Qocur yaylağında; qardaşınız Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı * * * 1872-ci il mart ayının sonlarında Tehrana gedərkən Tiflisə gəlmiş Ruhül-qüdsdən neçə məclisdə eşitdiklərim Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir. İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır. İkinci halda, dövlət yenə də öz yoxlama işlərində səhv edərək, ixtiranı təsdiq etməzsə, yenə də öz təbəələrini o ixtiranın qazancından məhrum etmiş olar və bu mənfəət başqalarına çata bilər. Bu cür hadisələr də dəfələrlə müşahidə olunmuşdur. Məsələn, buxar gəmisini ixtira edən şəxs öz ixtirasını birinci növbədə Napoleona bildirmişdi. İclas edərək yoxlama apardıqdan sonra bir hökm imza edib bildirdilər ki, ixtiraçının təqdim etdiyi ixtira qələt və mə’nasızdır. İxtiraçı Yengi Dünya dövlətinə müraciət edərək öz ixtirasını orda göstərdi və bu ixtira qəbul edildi, ixtiraçının fikri həyata keçirildi. Nəticədə, Fransa dövləti illər uzunu ah çəkib, təəssüf etdi ki, biz nə üçün bu ixtiranı rədd edib, onun mənfəətindən məhrum olaraq, böyük şöhrət qazanmaq imkanını əldən verdik?! Beləliklə, mə’lum olur ki, hər cür ixtiranın əlverişli olub-olmaması haqqında təhqiqat aparmaq, onu təsdiq və ya rədd etmək dövlətin vəzifəsinə daxil olmamalıdır. Üçüncü – habelə imtiyazı verməzdən əvvəl dövlətin ona təqdim edilən ixtiranın ixtiraçı tərəfindən oğurlanıb-oğurlanmadığı haqqında təhqiqat aparması da yanlış bir işdir. Ona görə ki, birinci – belə bir təhqiqatı sona çatdırmaq heç bir vəchlə mümkün deyildir. İkinci – bu səbəbə görə imtiyaz vermək işinin gecikdirilməsi ixtiraçının zərərinə başa gələ bilər. Belə ki, işin gecikdirilməsi nəticəsində çox mümkündür ki, başqa bir ölkədə başqa bir ixtiraçı həmin ixtiranı düşünsün və birinci ixtiraçıdan daha əvvəl öz fikrini həyata keçirməyə müvəffəq ola bilsin. Unutmaq olmaz ki, əgər ixtiraçı təqdim etdiyi ixtiranı oğurlamışsa, imtiyaz verilmiş olsa da, ixtiranın həqiqi müəllifi hər zaman oğrunu mühakiməyə verib, öz haqqını tələb etməyə haqlıdır. Əvvəllər Avropa ölkələrində belə bir qayda var idi ki, istənilən imtiyazı vermək dövlətin ixtiraçı haqqında iltifatı sayılırdı və yuxarıda qeyd etdiyimiz hər iki təhqiqatı hər cür ixtira barədə icra edirdilər. Lakin həqiqəti bu son zamanlarda başa düşmüşlər. İndi tamamilə bunun əksinə rəftar edirlər. İstər yaxşı, istərsə də pis olsun, hər cür imtiyaz istənilərsə, sözsüz-söhbətsiz həmin saat və həmin dəqiqədə ixtira sahibinə verilir. Hal-hazırda Fransa ölkəsində hər il dövlətə və ya 15 min ixtira təqdim olunur. Dövlət bu 14-15 min ixtira sahibinin hamısına imtiyaz verir, onlardan ancaq mini düzgün və mə’nalı çıxır. Osmanlı dövləti əmələ gəldiyi gündən bəri, öz xalqı içərisində hələ ixtira üçün imtiyaz istəyən görməmişdir. Orada bir nəfər də olsun ixtiraçı yoxdur və heç kəsə ixtira haqqında imtiyaz verilməmişdir. Birinci ixtiraçı və birinci imtiyaz istəyən mən idim ki, öz ixtira etdiyim əlifba ilə mətbəə təşkil edib kitab və qəzet çap etməyə başlamaq imtiyazını istədim. Lakin Osmanlı dövlətinin “şüurlu nazirləri” özlərini bilikli adamlar kimi göstərərək, bu işin yaxşı və pis nəticə verəcəyini yoxlamağa başladılar: sonra isə mənim xahişimi rədd etdilər və dedilər ki: “Bu ixtira başqalarınınkıdır”. Halbuki onların “başqası” adlandırdığı şəxsin xahişinə görə mən onlardan imtiyaz istəyirdim. İkinci, bu gün dünyanın xarabalığının səbəbi bunun nəticəsindədir ki, dinlərin vətəni olan Asiyadan peyğəmbərlər meydana çıxıb, öz dinlərini burada və Avropada yaymaqla və sonra onların dinini yaymağa çalışan və xalqın nəzərində müqəddəslik və övliya dərəcəsinə çatan vəsilər, peyğəmbərlər, imamlar, naiblər və xəlifələrin moizələri nəticəsində ilahi nurun əsərlərindən olan insan ağlı Asiya xalqları içində, ümumiyyətlə, Avropa xalqları arasında qismən ən alçaq dərəcələrə enmiş və özündən yüksək bir varlıq olmayan insan zəkası, şəxsi-qərəzliklərin nəticəsində tamamilə şərafət və e’tibar dərəcəsindən düşmüşdür. İndiyədək insan ağlı əbədi həbsdə saxlanılır, təfəkkür və təcrübədə onu dəlil və sənəd kimi qəbul etmirlər. Hədislər insan ağlından üstün və əsaslı sayılır. Məsələn, mövcud olan əqli elmlər əsasında ağıl qəbul edə bilmir ki, Həzrət İsa Allahın Məryəmdən doğulmuş oğludur və o, ölüləri dirildirmiş. Məryəm heç bir kişi ilə yaxınlaşmadan bakirə vəziyyətində Allahın özündən hamilə olaraq Həzrət İsanı doğmuşdur. Lakin həvvarilər və din xadimləri deyirlər ki, ağlın hökmünə və təhqiqatına inanmaq lazım deyil. Həqiqət ancaq “İncil”in yazdığı və bizdən qabaq gələnlərin söylədikləridir ki, ağızdan-ağıza bizə gəlib çatmışdır. Əlbəttə, siz eşitmişsiniz ki, orta əsrlərdə nə qədər insanlar ağlın hökmünə görə, dini e’tiqadlara qarşı öz şübhələrini bildirdikləri üçün rəhmsizcəsinə oda atılaraq yandırılmışlar. Təkcə Əndəlis ölkəsində bu kimi adamların sayı 4 milyona çatırdı. E’tiqadı süst olan adamları yandırmaq üçün o ölkədə və Avropanın başqa yerlərində tə’sis edilmiş cəza evlərini “İnkivizasion” adlandırırdılar. Bir gün Əndəlisdə oranın darülfünunu bitirib, kəmal və fəzilət əldə etmiş gözəl və sevimli bir gənci dinə qarşı bə’zi şübhələr irəli sürdüyünə görə yandırırdılar. Qayda-qanuna görə Avropa xaçpərəstlərinin Papa adlanan baş rəisi və eyni zamanda ölkənin padşahı da adam yandırılan zaman bütün əhali ilə birlikdə hazır olub, mərasimə tamaşa etməli idilər. O dövrün padşahının adı Ferdnand idi. Təsadüfən, cəza evinin əmələləri həmin gənci odun anbarının yanına gətirərkən padşah da baxıb, gənci yandırmaq mərasimini müşahidə edirdi. Mərasim insanı cəhənnəmdə yandırmağın bir nümunəsi idi. Gənci odun anbarının üstünə apararaq, od vurdular. Alov hər tərəfdən qalxaraq, gəncə tərəf yaxınlaşırdı, gəncin ürəkyandırıcı fəryad səsi yüksəldi. İnsan təbiətinin tələbinə görə, Ferdnand padşahın qəlbi gəncin əhvalına yandı və birdən-birə ixtiyarsız olaraq “vay, yazıq!” sözünü dilinə gətirdi. Cəza evinin rəisi olan baş röhban və bütün keşişlər padşahın ürəkyanmadan gələn bu səsini eşitdilər; baş keşiş acıqlanaraq, hökm etdi ki, padşahın kafirə ürəyi yandığına görə, özü də kafir olmuşdur. Əgər belə olmasaydı, necə ola bilərdi ki, onun qəlbində lə’nətlərə layiq olan bir gəncə rəhm əsəri zahir ola bilsin? Buna görə də, dinin ehkamına və Papanın qanunlarına əsasən, padşah özü də cəzaya layiqdir və mütləq yandırılmalıdır. Belə bir heyrətləndirici həngamədə hazır olan ölkə camaatı padşahın üzünə lə’nətlər yağdırıb, lə’nət edə-edə öz evlərinə qayıtdılar, padşahı tutub həbs etmək qərarına gəldilər. Gecə ikən, padşah əlacsız qalaraq, ağlaya-ağlaya, piyada, baş keşişin evinə tərəf yollandı, onun ayaqlarından öpdü, tövbə edib yalvardı, bağışlanmasını xahiş etdi. Min cür yalvar-yaxardan və min cür ağlayıb-sızlamadan sonra mürüvvətsiz baş keşiş padşahı bağışladı. Sonra dəlləyi çağırdı, onun qolundan bir qədər qan aldı və qanı kiçik bir şüşəyə tökdürdü. Odun yığdılar və bütün camaatı toplayaraq, qanla dolu o şüşəni odunların üstünə qoyub yandırdılar və bu vasitə ilə padşahın cəzalanmasını əvəz etdilər. Beləliklə, bəşər övladına səadət və qurtuluş ancaq o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada, insanın şüuru tamamilə əbədi həbsdən xilas olacaq və bütün işlərdə və təfəkkürdə hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olacaqdır. Üçüncü, Osmanlı, İran və Qafqaz əhalisi üç tayfadan ibarətdir: yəhudilər, xaçpərəstlər və müsəlmanlar. Ey Mirzə Fətəli, sən bu üç tayfadan heç birinin dininə sataşmamalı və heç birinə “sizin dininiz batildir, siz doğru yolla getmirsiniz, sizin e’tiqadınız belə, ya elə olmalıdır” deməməlisən! İnsanları yola gətirmək, onlara düzgün yol göstərib, həqiqəti öyrətmək qaydası belə deyildir. Sən bu qayda ilə özünə minlərlə düşmən və bədxah hazırlayarsan və məqsədinə də yetişməzsən. Onlardan hər biri tərslik və inad üzündən, sənin sözünü səmərəsiz və sənin dəlillərini puç hesab edəcəkdir. Sənin zəhmətin hədər və səmərəsiz olacaqdır. Sən onların heç birinin dinindən yapışma! Sən onların dinini bir tərəfə qoy! Onların dininin batil olması haqqında danışma! Sən təbliğatını bu cür başla: Bizdən əvvəl yazılan tarix kitablarında bu dünyanın tarixini yeddi min il söyləmişlər. Bu günə qədər əldə etdiyimiz qəti dəlillərə görə dünyanın yaranmasından bir neçə kürur min illər keçib. Musanın, İsanın və Məhəmmədin dinlərindən qabaq, dünyada saysız-hesabsız puç dinlər olmuşdur. Məsələn, bütpərəstlik, atəşpərəstlik, brəhmənilik, yunanların çoxallahlılığı və i.a. Belə isə insanın ağlı bir işə heyran qalır ki, nə üçün dünyaları yaradan Allah doğru sayılan bu üç dini yaratmazdan əvvəl, o qədər puç dinlərin bir neçə min il dünyada yaşamasına imkan vermişdir? Belə bir heyrətləndirici təsəvvürün nəticəsində insan ağlı istər-istəməz belə bir mə’nanı dərk edir və qəti hökm verə bilir ki, cəlal sahibi olan Allahın o pus dinlərin əmələ gəlməsi və yaşamasında qətiyyən iştirakı olmamışdır. Bəlkə də onların hamısını zirək və şöhrətpərəst adamlar öz məqsədlərinə çatmaq üçün özləri quraşdırmışlar. Belə ki, qədim dinlərin puç olması düzgün sayılan üç dinə inananlara tamamilə aydın və aşkar oldu, onlar öz-özlərinə və ixtiyarsız öz inandıqları dinlərin də puç olduğunu bu əyardan başa düşəcəkdilər. Onlar anlayacaqdırlar ki, əgər dünyada din lazım idisə, nə üçün dünyanın Allahı bir neçə min ilin ərzində haqq bir peyğəmbər göndərmirdi ki, o puç dinləri yer üzündən təmizləsin və nə üçün bu işi ancaq Həzrət Musa zamanında başlamışdır? Məgər o zamana qədər bu dünyanın və bu insanların ixtiyarı onun öz əlində deyildi? Məgər o zamana qədər Allah yatmışdımı ki, sonra oyanıb gördü ki, puç dinlər onun dünyasını zibilləmişdir və buna görə də sonra Həzrət Musanı və onun yoldaşlarını göndərmək qərarına gəldi? Dördüncü – haqqı batildən seçmək və əyrini düzdən ayırmaq işində bu günə qədər bizim səhvimiz onda olmuşdur ki, biz həmişə bir-birindən fərqli olan iki məsələni bir məsələ hesab etmişik. Halbuki bu iki məsələ nəinki eyni deyil, hətta biri digərinin ziddidir. Onlardan biri elmdir, ikincisi e’tiqaddır. Məsələn, elm deyir ki, birinci Napoleon olmuşdur və Moskvaya getmişdir və aqibəti də belə, ya elə olmuşdur. Bu xüsusda e’tiqada artıq ehtiyac yoxdur. Çünki məsələ qəti surətdə elmə əsaslanır. Dəlil və sübuta ehtiyacı olmayan hər bir məsələ və ya dəlil və sübutu qəti olan hər bir məsələ elmdir. Belə bir məsələnin e’tiqada dəxli yoxdur. Digər tərəfdən isə dini rəhbərlərin verdiyi xəbərlərə görə, bizdə belə bir əqidə əmələ gəlmişdir ki, Həzrət Musa Tur dağına getmişdir və dünyanın Allahı ilə danışmışdır. O öz əsasını daşa vurmuşdur, daşdan bulaqlar çıxmışdır və sairə və i.a. Bu məsələnin dəlil və sübuta ehtiyacı vardır. Əgər dəlili olsa da, heç bir zaman qəti ola bilməz. Belə isə biz bu məsələni elm adlandıra bilmərik. Biz bu məsələni e’tiqad adlandırmalıyıq və ona elm üzündən deyil, e’tiqad üzündən yanaşmalıyıq. Lakin bizim din rəhbərlərimiz bu kimi məsələləri də elmin bir sahəsi hesab edirlər. Necə ki, deyirlər: təfsir elmi, hədislər elmi, kəlam elmi və sairə. Bundan sonra isə deyirlər: fizika, riyaziyyat, coğrafiya, astronomiya və sairə. Onlar bunların hamısını elm adlandırırlar və belə iddia edirlər ki, birincilər də sonuncular kimi elmdir. Halbuki, bu sonuncuların birincilərdən fərqli olması gündən aydındır. Biz, birinciləri e’tiqad məsələləri ilə əlaqələndirib, yalnız sonuncuları elm adlandırmalıyıq. Beşinci – kimyanın həyatda olmamasının dəlili bundan ibarətdir ki, kimya elminin gücü sayəsində hər bir mürəkkəb şeyin başqa bir şeyə çevrilməsi mümkündür, lakin bəsit şeylərin başqa şeyə çevrilməsi hələlik imkan xaricindədir. Məsələn, zəy mürəkkəb şeylər qismindəndir. Biz onu suya çevirə bilərik, sonra onu havaya təbdil edə bilərik, yenə də həmin zəy havasını, yə’ni onun mahiyyətini, əsil mahiyyətindən fərqlənən başqa bir şeyə çevirə bilərik. Lakin gümüşü, qızılı, qurğuşunu və bu kimi bəsit şeyləri də suya və havaya döndərə biləriksə də, lakin onlardan əmələ gələn havanı, yə’ni onların mahiyyətini, bu mahiyyətin ziddi olan başqa bir şeyə çevirə bilmərik. Əgər biz bu filizlərin havasını başqa bir şeyə çevirsək, yenə də həmin filizlərin özlərini maye və ya sülb vəziyyətinə gətirə bilərik. Beləliklə də, mə’lum olur ki, qurğuşun gümüşə və mis heç bir zaman qızıla çevrilə bilməz və guya qurğuşunu gümüşə və misi qızıla çevirən iksir deyilən şey ənqa və simurğ quşu kimi əfsanəvi bir şeydir. Yə’ni adı olub özü olmayan bir kəlmə, mövhumi və xəyali bir işdir. Altıncı – hər bir din üç müxtəlif əmələ şamildir: e’tiqad, ibadət və əxlaq. Hər dinin əmələ gəlməsindən əsas məqsəd üçüncü əməldir. E’tiqad və ibadət əsas məqsəd olan üçüncü əmələ görə yardımçı işlər hesab olunur. İnsanın gözəl əxlaq sahibi olması üçün biz gərək elə xəyali bir vücud nəzərimizdə tutaq ki, o, ən gözəl əxlaq, əzəmət, cəlal, qüdrət, rəhmət, mətanət sahibi olub, pərəstiş və ibadətə layiq olsun ki, biz də özümüzü əxlaq cəhətdən ona uyğunlaqdırmağa çalışar və belə bir varlığı aləmin Allahı və kainatın yaradıcısı adlandıraq. Belə bir varlığı nəzərdə tutub, onu pərəstiş və ibadətə layiq gördükdən sonra ona namaz, oruc, həcc, zəkat və bu kimi pərəstiş və ibadət rüsumunu yerinə yetirməliyik. Belə bir vücudu nəzərdə tutduqdan və onun haqqında pərəstiş və ibadət mərasimini yerinə yetirdikdən sonra onun mərhəmətinə bel bağlayıb, onun qəzəbindən də qorxmalıyıq. Belə bir vücudun rəhmətinə bel bağlayıb qəzəbindən qorxduqdan sonra onun gözəl əxlaqını təqlid etməliyik. Buna görə də heç bir günaha yol verməməliyik ki, onun rəhmətinə şamil olub, qəzəbinə düçar olmayaq. Bəs belə isə, əgər biz elə bir vasitə tapsaq ki, ibadət və pərəstişə layiq sayılan bu vücudu nəzərə gətirmədən gözəl əxlaq sahibi ola bilək, o zaman dinin ikinci dərəcəli şərtləri olan e’tiqad və ibadətə lüzum qalmır. Bir halda ki, belə bir vasitə tapılmamışdır, ikinci dərəcəli olan iki əməl əsil məsələdən, yə’ni gözəl əxlaqdan ibarət olan məqsəddən ayrılmır. Əgər ayrılarsa, əsil məqsəd tamamilə ortadan gedər. Bir çox Avropa və Yengi Dünya ölkələrində elmin geniş yayılması nəticəsində xalqın yaxşı əxlaq kəsb etmək üçün hər dinin iki şərti olan e’tiqad və ibadətə ehtiyac yoxdur. Lakin Asiyada elm yayılmamışdır; ona görə də bu qit’ədə hər dinin əsas məqsədi olan yaxşı əxlaq kəsb etmək üçün həmin iki şərtin saxlanılması vacibdir. Yeddinci – heyvan cinsi iki növdən ibarətdir. Onlardan biri inkişaf qəbul edənlərdir. Məsələn, insan ki, vəhşilik aləmindən tərbiyə aləminə qədəm qoyaraq, sonra yavaş-yavaş inkişaf aləmində irəliləyir. İkincisi – inkişaf etməyənlərdir. Məsələn, dəvə, at və bunlar kimi ki, dünya yarandıqdan bu günə qədər necə vardılarsa, elə də qalmışlar və bundan sonra da həmin vəziyyətdə qalacaqdırlar. İnsanların yeddi vəzifəsi vardır. Əgər insan onların hamısını yerinə yetirsə, kamil adam sayılır və əgər bə’zilərini yerinə yetirib, bə’zilərini yetirməzsə, naqis insan sayılır və əgər bu yeddi vəzifədən heç birini yerinə yetirməzsə, bəşəriyyət dairəsindən çıxaraq, heyvanlıq dairəsinə daxil olar. Birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir. İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır. Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır. Dördüncü vəzifə bundan ibarətdir ki, insan öz həmnöv’iləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır. Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir. Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır. Bu yeddi vəzifədən hər birinin geniş şərh və izaha ehtiyacı vardır. Onlardan hər biri cürbəcür bəyanat və təfsilata möhtacdır ki, onları “Adəmiyyət” kitabında yazmışam. Burada onları izah etməyə imkanım yoxdur və bu yeddi vəzifə “Adəmiyyət” kitabının əsil məzmununu təşkil edib. Mirzə Fətəlinin sualı: – Görünür ki, bu məsələlər Fəramuşxanənin məsələlərindəndir? Ruhül-qüdsün cavabı: – Bəli, Fəramuşxanədə aparılan müsahibə zamanı hərdənbir bu məsələlər də müzakirə olunur. Lakin Fəramuşxanənin məsələləri çox-çox böyükdür və bu məsələlərdən xaricə çıxır. Mirzə Fətəli Axundzadə 1279-cu ilin yay fəslində üç ay Tiflisin Qocur yaylağında qaldım. İşdən asudə saatlarda bə’zən “Hidayət” təxəllüslü Rzaquluxanın yazdığı “Rövzətüs-səfayi-Nasiriyyə” tarixini mütaliə edirdim. Tehran qəzeti müdiriyyətindən xahiş edirəm ki, mənimlə Rzaquluxan arasında əmələ gələn bu mübahisələri “Darülxilafə” ruznaməsində çap etsin; bu şərtlə ki, mükalimələr bir-birinə qarışmasın. * * * == Tənqid risaləsi və məktublar == Mərhum xaqan Məhəmməd şah Qacarın Herat səfərində Quriyanın mühasirəsinin zikri “Elə ki, şöhrəti İskəndər şöhrətinə bərabər olan xaqan həzrətləri Quriyanın mühasirə və zəbt edilməsinə qəti hökm verdi, dünyanı lərzəyə salan ordu şə’banəl-müəzzəmin onunda dağ və səhraya meydanı təng etdi; bir aləm rəngbərəng çadır və alaçıq quruldu. Quriyanın xarici, Qəzneynin və Qurun daxilindən abad oldu. Cəsarətli adamlardan bə’ziləri qalanın üstünə çıxdılar; qalasındıran və bürcyıxan güllələrin zərbindən aşağı düşdülər. Quriyanın ətrafını şəhər alan əmirlər və igid sərhənglər arasında böldülər. Mübarək topxanaya əmirlik edən və bu rütbədə tam müstəqil olan şahsevən Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal tərəfində yerləşdi və bu sahə ona tapşırıldı. Şəhərin cənub tərəfi iki şəqaqlı dəstənin sərtibi “Bəhadiri-cəng” ləqəbli Hacı xan Qarabağiyə məxsus oldu; qərb tərəfi, tünkabinli Vəli xan Gilaniyə, firuzkuhlu Məhəmməd Hüseyn xan Ərcüməndiyə, Səvadkuhi və Bəndapey dəstələrinə və Mazəndaran sərkərdələrinə tapşırıldı. Şərq tərəfi isə, Əmiri-tuman Məhəmməd xan İrəvaniyə və onun adamlarına yetişdi. Dörd tərəfindən lağım və murçal qazımağa başladılar. Qaladakılar hasarın möhkəmliyinə və Herat hökmranının köməyinə arxalanıb baş girləyirdilər. Onlar özülün havada olduğundan və o möhkəm binanın ən yaxın zamanda dağılacağından qafildirlər. On gün ərzində lağım və murçal işləri qurtardı. Fələk cəlallı Şahənşah qalanın alınmasına hökm verdi. Ümman kimi dalğalanan dəstələr ətrafından hərəkətə gəldilər. Təbil, şeypur, kəranay və şəndəfin səsi dağlara, daşlara əks etdi və qalaya dəyən topun gurultusu yer üzünə vəlvələ saldı. Bürclərin lağımlarını barıt, neft, ağac və odunla doldurdular ki, od gücünə uçurtsunlar və xəndəyin suyunu boşaldıb torpaqla doldurdular ki, onun üstündən keçsinlər. Dağdələn top güllələrinin arasıkəsilməz zərbələrindən bürclər və qalanın divarları titrədib şikəst tapdı və daş partladan qumbaraların zərbindən bircə divar da yerində qalmadı”. – Limüəllifihi... F ə t ə l i – Rzaquluxan, Allah rizasına, qoy görək qalanı necə alırlar, sənin şe’rini oxumaq məqamı deyil. Başqa bir vaxt oxuyaram. R z a q u l u x a n – Qəribə xasiyyətin var, nə üçün mənim şe’rimi oxumursan? F ə t ə l i – Qardaş, mən ki şe’r divanı oxumuram, mən tarix oxuyuram. Qoy görüm nə etdilər? Sən Allah, məndən əl çək, öz şe’rinlə hisslərimi pərişan etmə. Əhvalat xatirimdən çıxdı. R z a q u l u x a n – Sən şe’rin dimağa fərəh verməsini danırsan? Bu nə əqidədir ki, şe’ri hissləri pərişan etməyə səbəb bilirsən? F ə t ə l i – Baba, mən demədim ki, şe’r hər yerdə hisslərin pərişanlığına səbəb olur. Onu oxumağı burada lazım görmürəm: ordu hər tərəfdən hücum etməkdədir, indicə qalanı alacaqlar, ürək döyünməkdədir, sən də “Limüəllifihi” çomağı ilə başımın üstündə dayanıb, tələb edirsən ki, əvvəl mənim şe’rimi oxu, sonra ordunun halına tamaşa et! Rzaquluxan, bu böyük zülmdür. Vallah, mən əhd eləyirəm ki, bundan sonra sənin şe’rlər divanını bütünlüklə oxuyam. Məgər mən bilmirəm ki, sən həm tarixçi, həm də şairsən? Amma indi qoy mətləbə gələk. R z a q u l u x a n – Oxumalısan! Qoymaram! Mən zəhmət çəkib şe’r demişəm və onu tarixə daxil etmişəm, sən mənim şe’rimi necə oxumaya bilərsən! F ə t ə l i – Rzaquluxan, axı sənə kim dedi ki, şe’r deyəsən və onu tarixə daxil edəsən? Tarixdə şe’rə heç bir lüzum yoxdur. Vallah, səhv edibsən. R z a q u l u x a n – Çox danışma. sən özün səhv edirsən, oxu! F ə t ə l i – Yaxamı nə üçün tutubsan? Yaxşı, burax oxuyum, Vallah, oxuyacağam, inan! R z a q u l u x a n – Yox, yalan deyirsən, oxumaq istəmirsən. Gözlərindən oxuyuram ki, sən mənim şe’rimdən vaz keçmək, sözün mabə’dini izləmək istəyirsən. F ə t ə l i – Vallah, yalan demirəm. Vəqta ki, çarəm yoxdur, nə üçün oxumayım?! Oxumasam ki, məni buraxmayacaqsan. Amma ümidvaram ki, sənin şe’rinin məzmunu heç olmazsa mətləbə aid olacaq. Yəqin ki, sən sərbazların filan bürcdən yürüş etdiklərini və atların filan qala qapısından içəri girdiklərini yazmısan. Bax, oxuyuram: Bu nədir? Mərrix kimdir? Qalanın işi necə oldu? İnsaf elə, Rzaquluxan, qalan beytlərinin oxumaqdan məni bağışla, taqətim yoxdur. İstəyirsən öldür. Hər nə istəyirsən elə, amma özün zərər görəcəksən. R z a q u l u x a n – Nədən zərər görəcəyəm? F ə t ə l i – Məsələn, mənim az-çox ağlım var, məzacı sağlam və bədəncə də nöqsansızam. Əgər məni, öz şe’rini oxumağa məcbur eləsən, naxoşlaram, o vaxt sənin dediyin “mülki-əqim” kəlamının mə’nası mənim üçün üstüörtülü qalar. Bu sənə zərər deyilmi? R z a q u l u x a n – Mən bunu harada demişəm? F ə t ə l i – Məgər yadından çıxıb? Axır, Sahibqiran xaqan Fətəlişah həzrətlərinin taxta çıxmasının ikinci, ya üçüncü ilində sən belə yazıbsan: Bu dövrün hadisələrindən biri də Cəmşid cəlallı padşah həzrətlərinin qardaşı şahzadə İkinci Hüseynqulu xanın üsyanıdır ki, naçar bu barədə yazılacaqdır; ta “Əlmülki-əqimin” mə’nası sağlam məzaclı ağıllıların fikrincə nöqsansız, valeh və ondan sonra layih olsun. R z a q u l u x a n – Mən burada məzmunu nəzərə almamışam, məqsədim qafiyə olmuşdur. Yoxsa xəstə məzaclı ağıllılar da “mülkiəqimin” mə’nasını anlaya bilər. Əgər sən xəstə olsan da, az-çox ağıllı olduğundan onun mə’nasını anlayacaqsan. F ə t ə l i – Hə!.. Qafiyə xatirəsi üçün belə yazıbsan? İndi anladım. Yaxşı, Rzaquluxan, nə lazım gəlir ki, sən məzmunu nəzərə almadan, yalnız qafiyə xatirəsi üçün bu qədər artıq ləfzləri öz yazında caiz görürsən? R z a q u l u x a n – Bu yerdən başqa, mən harada məzmunu nəzərə almadan qafiyə xatirəsi üçün artıq ləfzləri caiz bilmişəm? F ə t ə l i – Məsələn, Ə’zəm xan Əfğanın oğlu Məhəmməd xanın Nərmaşir və Bəmdəki üsyanını zikr edərkən deyirsən: “Qacar sərdarının gəlməsi haqqında şayiəni eşitcək Məhəmməd xan Bəmi boşaltdı, zir naləsi ilə Nərmaşir yolunu tutdu”. R z a q u l u x a n – Sən anlamırsan. Bu, məzmundan xali deyildir. Nalə ola bilər ki, bəm olsun, ola bilər ki, zir olsun. Bu halda Məhəmməd xan Bəmdən zir naləsi ilə qaçırdı ki, Nərmaşir ilə qafiyə düzəlsin; bir də “bəm” və “zir” ləfzləri tənasübünün artıqlığı haradadır? F ə t ə l i – Afərin, Rzaquluxan, həqiqətdə mən bu nüktələrdən xəbərdar olmamışam. Bu kəlam başqa münasibətlərdən dəxi xali deyildir; çünki “zir” ləfzi bə’zən məq’əd mə’nasında da gəlir. Necə ki, Şeyx Sə’di rəhmətüllah buyurur: Mə’lumdur ki, Məhəmmədxan qaçarkən nə vəziyyətdə idi. Bağışla, burada mən səhv etdim. Adam səhvsiz olmaz. Bəs başqa yerdəkilərə nə deyirsən ki, yazmısan: “Ş a h z a d ə M ə h ə m m ə d V ə l i M i r - z ə n i n y a r d ı m ı i l ə İ r a n q o ş u n u n u n s ə r ə x s t ü r k m ə n l ə r i i l ə m ü b a r i z ə s i n i n z i k r i. Bu işarələrin tövzihi və bu ibarələrin tənqihi odur ki”. “Tövzihin” işarəti mə’lumdur. Əgər “tənqihi” ibarəti lüzumsuz deyilsə və qafiyə xatirəsi üçün gəlməmişsə, pəs bu nə olan şeydir? Sizin mürşidiniz Mirzə Mehdi xan Astrabadi belə hallarda ancaq bu sözlərin izahını yazır. O da: “Bu məqalın tövzihi və bu sifalın tənqihi odur ki...” deməyi bacarırdı. R z a q u l u x a n – Xa, xa, xa... əcəb savadsızsan. “Tənqihi in sifal” nə deməkdir?.. F ə t ə l i – Rzaquluxan, nə üçün gülürsən? Məndən nə hərəkət baş verdi ki, sənin gülməyinə bais oldu? Məgər günah oldu ki, mən də bir qafiyəli kəlam söylədim? Pəs nə üçün başqaları deyirlər? R z a q u l u x a n – Söz bunda deyil. F ə t ə l i – Pəs söz nədədir? Məgər “sifal”, “məqal”a qafiyə ola bilməz? R z a q u l u x a n – Qafiyə ola bilər, amma mə’nası yoxdur. F ə t ə l i – Rzaquluxan, “tənqih” sözü ibarətlərə şamil ola bildiyi halda, “sifal” sözü daha yaxşı şamil ola bilər. Necə mə’nası yoxdur? İxtiyarın var, istəyirsən bu münaqişəni üçüncü şəxsə həvalə edək, bizim aramızda həkəm olsun. Əgər sənin sözün təsdiq olunsa, mən məğlub olaram və əgər mənim sözümü təsdiq eləsə, sən məğlub olacaqsan. Rzaquluxan, inan ki, nəsrdə qafiyə kəlamı çiy edir və zəiflədir. Bu qayda bizə ərəblərdən qalmışdır, səkkiz yüz ilə yaxındır ki, İranda işlədilməkdədir; lakin mütləq səhvdir. İndi bu qaydanı tərk etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır, çünki qafiyə xatirinə mütəradif ləfzlər və çoxlu təkrarlar əmələ gəlir, gərəksiz mə’nalar meydana çıxır, kəlamın aydınlığı itir, məcazlar ondan nifrət edir və əsər şöhrət qazanmır. Necə ki, “Tarixi-Vəssaf” və “Dürrə” şöhrət qazanmadılar. Sən kitabın axırında işarə edibsən ki, biri dövlət tarixini səc’lə yazır. De ki, boş yerə zəhmət çəkməsin, heç kəs oxumayacaqdır. Mənim əqidəmə görə sən də öz tarixini çox yerdə səc’lə yazmışsan. R z a q u l u x a n – Niyə böhtan deyirsən? Mən harada səc’lə yazmışam? F ə t ə l i – Böhtan deyil, məsələn, İkinci Hüseynqulu xanın üsyanı haqqında yazmamışsanmı ki: Bu, səc’lə yazı deyilmi? Çünki mənim özümün bu növ şeylərə bir o qədər bələdliyim yoxdur, səndən soruşuram. R z a q u l u x a n – Bir az oxşayışı var. Amma, Mirzə Fətəli, bə’zi şeyləri sən artırmısan. Mən o qədər yazmamışam və bundan əlavə, kəlmələri də rəbtsiz etmisən. F ə t ə l i – Rəbtləndirmək asandır. Sən deyirsən ki, bə’zi şeyləri mən artırmışam. Əlbəttə, lazım oldu, artırdım. R z a q u l u x a n – “Gürg-müşt” və “yuz-püşt”ün nə mə’nası var ki, deyirsən? F ə t ə l i – Burada məzmunu deyil, tənasüb və qafiyəni nəzərdə tutmuşam, “gürg” ilə “yuz”un münasibəti var və onlardan sonra “müşt” ilə “püşt” də bir-biri ilə həmqafiyədir və həm də çox qəşəng qafiyədir. R z a q u l u x a n – Sən artırdıqlarının heç bir lüzumu yoxdur. F ə t ə l i – Bu halda sənin yazdıqların bir o qədər artıqdır; məsələn, başqa yerlərdə tarixlə heç bir əlaqəsi olmayan bə’zi çətin və artıq mətləblər yazıb oxucunun və katibin zəhmətinə səbəb olmusan. R z a q u l u x a n – Nə deyirsən, mən harada çətin, artıq mətləblər yazmışam? F ə t ə l i – Məsələn, Nadir Mirzənin işinin axırında ki, onun həyatı sona çatır, – sən yazmısan: “Əql və nəqlə müvafiq olaraq təqas və təlafi hiss əlamətlərində mənsusdur və bu mə’na bərahini-şər’iyyə və əxbari-həqiqiyyə ilə mənsusdur. Allah gec tutar, ancaq bərk tutar. Süvər və əsmanın təğyirində xalq həqaiq və müsəmmadan qafil düşər. Bu işarətlərin təhqiqi tarix üsuluna müxalif deyil. Söz yox ki, müxalifdir. Bəlkə bunlar maarifin dəqaiqindən və tarixnəvisliyin nükıtandandır. Əgər bildiyimiz kimi, bə’zi təlafi və tənafinin zikrini irəli sürsək, bu mübahisəni görənlər irad edərlər və bizim yazımızı mütədavil şəkildə qəbul etməzlər”. F ə t ə l i – Şeyx Bəhainin cəbr-müqabiləsini anlamaq sənin bu müqəddəməni anlamaqdan asandır. Sənin nə məqsəd güddüyünü və nə demək istədiyini ancaq Allah bilir. “Dər əvalimi hiss məhsusəst” nə olan şeydir? Və “təğyiri-süvərü əsma” deyəndə nəyi nəzərdə tutubsan? Bu hansı “süvərü əsma”dır? “Həqiqət və müsəmmadan” bəhs etməkdə məqsədin nədir? Bəli, tənasüx əhlinin və hindulərin əqidəsincə bu ləfzlərə mə’na vermək olar; amma şəriətcə qətiyyən mümkün deyildir. Şəriətin adını niyə burada çəkmisən? Məgər şəriət bu növ qisası caiz sayır? Nadir Mirzənin atasının babası xəta etmişdir, nəvəsindən nə üçün qisas alınsın? Pəs nə deməkdir? Bundan sonra sən məni zahirə inananlardan say! Qorxum yoxdur. Sən özün özünü xalqın məzəmmət oxlarına hədəf edibsən. Belə ki, sən burada fərasət ilə anlamısan ki, sənin bu təsəvvüratını qəbul etməyəcəklər. Çox yaxşı edibsən ki, biz oxucuların halına rəhm edib hələ bildiyin bə’zi təlafi və təkafi haqqında nüktəçilik etməmisən. Əgər Allah eləməsin, o “bə’ziləri” haqqında dəxi nüktəçilik etsəydin, o vaxt onları anlamaqda biz biçarələrin işi daha pis olardı. Hər əqidə ilə olursa olsun, tarixdə bu növ mətləblərə əl vurmaq caiz deyildir, xüsusən məzmun səhih olmadıqda. Tarixçiyə yalnız hadisələri yazmaq vacibdir. Sən başqa yerdə hərdənbir məzmunun səhihliyinə mültəfiq olmursan. Məsələn, Darulfünun rəisliyi haqqında nəql edərkən deyirsən ki: “Şahənşahın günəş işıqlı rə’yinə mə’lum idi ki, gənclərin gənclərə məhkum olması yaramaz; gənclər mücərrəb və mühəzzəb qocaya tapşırılmalıdırlar ki, əmanətin vüfuru və dəyanətin zühuru və meylin qilləti və zeylin iffəti və rə’yin diqqəti və qəlbin riqqəti və ə’raqın yaxşılığı və əxlaqın gözəlliyi ilə mövsuf və mə’ruf olsun; taki, nəcib əmirlərin əziz övladlarına atacasına tərbiyə versin və hər birinin sadə təbiətini və saf tinətini məvaddi-rəzilənin ixlatından və sifəti-xəbisənin irtibatından hifz etsin. Və bu yaxınlarda mən bəndə, səkkiz ay sürən uzaq Xarəzm səfərindən əzm və həzmlə Şahənşahın asitanını öpməyə qayıtmışdım. Ona baxmayaraq ki, insafən mən bu gözəl sifətlərin heç birinə malik deyildim, İran Şahənşahı həzrətləri mövhibət və məkrəmət məqsədi ilə bu naqabil qoca qulu, bu böyük xidmətə qabil bilib padşah hüzuruna çağırdı və Darülfünun rəisliyinə göndərdi”. Əmanət və dəyanətin, qilləti-meyl və iffəti-zeyl və diqqəti-rə’y və riqqəti-qəlb və teybi-ə’raq və əxlaqın ziddi, xəyanət və dinsizlik və kəsrəti-meyl və ədəmi iffəti-zeyl və süstiyi-rə’y və səxtiyi-qəlb və xübsi-ə’raq və sui-əxlaqdır. Sən iqrar edirsən ki, insafən bu gözəl sifətlərdən heç biri səndə yoxdur. Onda pəs nə olsun? İnsan iki haldan xali deyildir: o ya gözəl sifətlərə malik olur, ya da pis sifətlərə. Orta yoxdur. Səndə gözəl sifətlər olmadan Darülfünunu sənə tapşırdılar. Onda pis haradan mə’lum olur ki, Şahənşah Darülfünun rəisliyini gözəl sifətlərə malik olan bir şəxsə vermək istəyirdi!? Deyəcəksən ki, mən təvazö’dən ötrü belə demişəm. Aya, heç eşitmisən ki, bir adam təvazö’dən ötrü “mən xainəm və dinsizəm” desin? Məzmun doğru deyildir; düzgün fikirləş! Bu mühavirələri Tehran qəzeti idarəsinə göndərib, mə’lum edirəm ki, bu qaydaya Avropada əməl olunur və onun böyük faydaları vardır; məsələn: bir şəxs bir kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könülə dəyən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika”, fransız istilahı ilə “kritik” adlandırırlar. Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif bütün Avropa xalqlarının dilində səlasət qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar. Əgər Tehran qəzeti vasitəsi ilə bu qayda İranda tətbiq olunarsa, hər halda İran əhalisinin gələcək nəslinin Şərq dillərini bilmələri işinin tərəqqisinə səbəb olacaqdır. Xüsusən bu qaydadan sonra, hal-hazırda məzsunsuz və duzsuz deyilən və heç bir faydası olmayan qəzəl və qəsidələr düzəltməkdən əl çəkərək Firdövsinin “Şahnamə”si, Şeyx Sə’dinin “Bustan”ı və onlar kimi məsnəvi tərzində müxtəlif xalqların əhval və adətini bildirən hekayəli şe’r deməyə başlayacaqlar və nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə təşbihlərdən bütünlüklə çəkinəcəklər; ancaq rəğbətli məzmun arxasınca gedəcəklər. Elə bir məzmun ki, oxucu ondan həzz alsın və qulaq asan ləzzət aparsın və müəllif bunun sayəsində ad qazansın. Belə ki, məzmun gözəl olduqda, kritika əvəzinə hər tərəfdən onun haqqında tə’rifnamələr göndərəcəklər; çünki gözəl məzmun tapmaq, Allah vergisi olan təb’in xüsusiyyətlərindəndir, amma qafiyə düzəltmək, başqa sənətlər kimi, öyrənilə bilən bir işdir. İndi qoy Rzaquluxan mənim göndərdiklərimə qəzetdə cavab yazsın və ondan sonra üçüncü bir şəxs bizim aramızda həkəm olsun. Mayor Mirzə Fətəli Axundzadə Rəbiüləvvəl 2, 1279-cu il Qocur yaylağı – Tiflis * * * Babilik əqidələri Vacibül-vücud xüsusunda Babın e’tiqadı belədir ki, həqiqi yaradıcı, kainatı yaradan günəş kimi nuri-mütləqdən ibarətdir və onun nuru növi-bəşərdən olan məxluqatın bə’zi fərdlərində hər zaman özünü göstərə bilər. O halda işığın özünü göstərmə yeri olan o cisim, vacibül-vücuda nisbətlə məzhərdir; yə’ni bir aynadır ki, günəşin nuru onu işıqlandırmışdır. Bu halda məzhərdən və aynadan hər nə baş versə, günəşdən əmələ gəlmiş hökmündədir. Seyid Əli Məhəmməd Bab günəş işığının məzhəri və aynası idi; onun cisminin zavalından sonra, başqa məhzərlər meydana çıxdı. Molla Hüseyn Buşrəvi, Molla Məhəmməd Əli Zəncani, Seyyid Yəhya və Qürrətül-eyn kimi. Bunlar bir-birinin ardınca gələrək, hər biri Babın dininə rəvac vermiş və onu mükəmməlləşdirmişlər. Onlardan sonra məzhər və ayna hal-hazırda yaşayan Mirzə Hüseynəli Mazəndəranidir. Onun da cismi zaval tapdıqdan sonra sonsuz bir zamanədək yenə başqa məzhərlər ortaya çıxacaq və Ərz kürəsi heç vaxt məzhərsiz qalmayacaqdır. Zahirən Babın dinini tərcih etməsi nəzərə çarpan, ancaq onun əqidələrindən mükəmməl mə’lumatı olmayan və özü də elm əhlindən olmayan Mərdi-Səyyahın dediklərindən mə’lum olduğu üzrə, Bab öz əqidələri haqqında ərəb və fars dillərində “Bəyan” adlı bir kitab yazmış və tamamilə islam dinini ləğv etmişdir. Onun hər bir hökmü islam dininin hökmlərinə ziddir. Məsələn: B i r i n c i: Kişi üç arvad ala bilər. Qardaşı qızını, bacısı qızını arvadlığa qəbul etmək mümkün hesab edilir. Lakin kişi, öz bacısını və öz anasını da məcus kimi özünə arvad edə bilər, ya yox məsələsini bilmədiyini Mərdi-Səyyah e’tiraf etmişdir. İ k i n c i: Qur’anda olan “hicab” ayəsi Babın “Bəyan”ında tamamilə aradan qaldırılmışdır, ancaq bir fərq ilə; yə’ni qadın tayfası babilərdən olan öz dindaşlarına qarşı daima üzüaçıq olmalıdır, lakin yadlara qarşı, yə’ni öz dinlərinə yad olanlara qarşı örtülü olmalıdır. Ü ç ü n c ü: “Bəyan”da içki içmək caizdir. Amma bu günün imam və hüccəti Mirzə Hüseynəli içki içməyə razılıq vermir, yə’ni içməyi yaxşı saymır. Lakin onların haram olmasına açıq hökm verməyibdir. D ö r d ü n c ü: “Bəyan”da bütün yeyiləcək şeylər halaldır, hətta donuz, it və bu kimi şeylər. Və hər kəsin ürəyi nəyi istəsə yeyə bilər. B e ş i n c i: “Bəyan”da yazılan Babın əqidəsinə görə, əşyadan heç birinə murdarlıq hökmü vermək olmaz, bəlkə hər şey pakdır. Amma bə’zi şeylərdən onların çirk və üfunətinə görə çəkinmək lazımdır. A l t ı n c ı: Sidik və nəcis rədd olunan yerini yumaq nəcasətlə bulaşdığı üçün deyil, təmizlik nöqteyi-nəzərindən gözəl işdir. Qüsl və dəstəmaz da murdarlığı təmizləmək üçün vacib olduğundan deyil, təmizlik və nəzafət cəhətindən bəyənilmiş işdir. Y e d d i n c i: Arvadlı bir kişi, başqa bir qadınla zina edərsə, o vaxt onun arvadının da başqa bir kişi ilə zina etməsinə izin verilir. Hər halda zina edən kişi ilə zina edən qadının razılığı şərtdir; icbari zina haramdır. S ə k k i z i n c i: Nikahlı olmayan qadınlar və subay kişilər öz nəfslərinin vəkilləridirlər. Onlar hər iki tərəfin razılığı ilə cinsi yaxınlıq edə bilərlər və aralarında siğeyi-müt’ə oxumaq lazım deyildir. D o q q u z u n c u: Bütün yer üzünün səltənəti məzhər və hüccətihəyy sayılan varlığa məxsusdur. Əhali arasında onun hökmlərini icra etmək və insanları insaf və ədalətə uyğun və bərabərlik qanununa müvafiq idarə eləmək üçün onun tərəfindən vəkillər tə’yin olunacaqdır. O n u n c u: Ruh var olan bir şeydir; lakin gözlə görünməz. Əgər birisi Babın dininə daxil olursa, onun əqidələri haqqında mə’lumat əldə edərsə və onu bəyənərsə, öldükdən sonra onun ruhu yerə məxsus cismin zərfiyyəti olmadan “isbata” daxil olur; “isbat” isə bəyənilmişlərin pak məqamıdır ki, orada ruh şüurdan, cismin behiştdə yeyinti və içkilərdən aldığı həzzdən daha yüksək bir həzz alacaqdır. Lakin əgər bir kimsə Babın dinini qəbul etməyib cəhalət və qəflət içində ölərsə, ruhlu münkirlərin ruhlarının məqamı olan “nəfy”ə daxil olacaq və bu qaranlıq məqamda o vaxtadək dolaşacaqdır ki, başqa bir dövrdə və yaxud müxtəlif dövrlərdə yenə də bu aləmə qayıda və haqqı anlayaraq “isbata” daxil ola. O n b i r i n c i: Babın dinində oruc, namaz, xüms, zəkat və həcc kimi bütün əməllər onun tabe’lərindən saqitdir. Amma Şirazda Bab Seyyid Əli Məhəmmədin doğulduğu yeri ziyarət etmək onun varlı peyrəvləri üçün vacibdir və bu ev babilərin qibləsi sayılmaqdadır. O n i k i n c i: Adam öldürməyi və xalqın malını oğurlamağı Bab haram etmişdir. Onun dinində cihad da yoxdur; amma babilərə əziyyət verən şəxslərə qarşı müdafiəni vacib bilir. Zəncanda Molla Məhəmmədəlinin, Mazəndəranda Molla Hüseyn Buşrəvinin müharibələri müdafiə məqsədi ilə olmuşdur. Eyni surətdə uşaqları tərbiyə etmək üçün onları çubuqla döymək haramdır. Hər kəs öz fitrətinin təqazasına görə tərbiyə alacaqdır. Çubuqla döymək onların əhvalında can, əql və ürək zərərindən başqa heç bir fayda ilə nəticələnməz. O n ü ç ü n c ü: Qız və oğlan uşaqlarının tə’lim və tərbiyəsi tə’kid olunmuş savab işlərdəndir. O n d ö r d ü n c ü: Keçmiş peyğəmbərlər Babın e’tiqadınca məzhərdirlər; lakin bu fərqlə ki, onlardan hər birinin rütbəsinə görə bə’ziləri “fəzilətli”, bə’ziləri “aşağı” dərəcəli olurlar. Bab peyğəmbərlikdə sonunculuq iddiasını bəd’ət sayır və bunu həvayi-nəfsin nəticələrindən bilir; çünki o, dində təcdidi, təkmili və tənsixi zəruri şeylərdən hesab edir və deyir ki: Əcəba, İsa, Musa dininin batil edəni olmadımı? Məhəmməd İsa dinini batil etmədimi? O, sonradan gələn məzhərlərə dində təkmil və tənsix yaratmaq üçün ixtiyar vermiş və aləmi qətiyyən məzhərdən xali bilməmişdir. Hal-hazırda diri məhzər olan Mirzə Hüseynəli, Babın əqidəsinə görə onun bə’zi əhkamını dəyişdirmək və onun dinində bə’zi qanunları artırmaq ixtiyarına malikdir. O n b e ş i n c i: Babi alimlərinin əlaməti islam alimlərinin əmmaməsi kimi on beş batmanlıq, günbəd şəklində kobud deyil, dərvişlərin sarıqları kimi yüngüldür. O n a l t ı n c ı: Mərdi-Səyyahın dediklərindən Bab Seyyid Mirzə Əli Məhəmmədin özünün dəxi xariqa’data və mö’cüzələrə qail olduğu anlaşılmadı. Amma diri məzhər olan Mirzə Hüseynəli mö’cüzənin qüdrətini və xariqa’datı izhar etmək iddiasındadır. Ancaq bir, yaxud iki nəfərin hüzurunda deyil, bəlkə Yer üzünün bütün xalqlarının vəkilləri gərək bir yerə toplanaraq öhdələrinə alsınlar və borc bilsinlər ki, əgər o bir mö’cüzə göstərsə, o vaxt Babın dinini qəbul etsinlər. O surətdə diri məzhər olan Mirzə Hüseynəli xalq vəkillərinin tələb etdikləri hər bir mö’cüzəni göstərəcəkdir. O n y e d d i n c i: Onda birdən artığına qazanc ilə pul vermək Babın dinində haramdır. O n s ə k k i z i n c i: Yoxsul dindaşlara kömək etmək varlı babilərə vacibdir. O n d o q q u z u n c u: Babilərin əqidəsində on doqquz sayının şərəfi vardır. Lakin bunun nə cəhətdən belə olduğu doğru anlaşılmadı. Hər ay on doqquz gün sayılır və bundan əvvəl hər gün on doqquz rük- ’ət namaz, hər il on doqquz gün oruc tutmaq avam üçün zahirən olmuşdur. Amma indi isə bu tərk edilmişdir. Babilərdən heç kəsə namaz və oruc məcburi deyildir. * * * Hekayət Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingilis məmləkətində filosoflar mütəəddid təsniflər yazıb kəsb və tədərrüsün lüzumiyyətini və mənfəətini xalqa bildirdilər və qayətdə müəssir moizələrinin qüvvəti ilə xalqı övzai-məişətin təhsilinə bir mərtəbədə şövqmənd etdilər ki, xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdam edib az müddətdə külli-aləmin ehtiyacına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hər şəhrin bazar və karvansaralarını ənva və əqsam əşya ilə doldurdular. Və bu əməlin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın iflasına bais olacaqdır, zira ki, bəni-növ’i-bəşərin əyyami-həyatında üç qisim ehtiyacı var: Əvvəlincisi – ehtiyaci-cismanidir, ikincisi – ehtiyaci-əqli, üçüncüsü – ehtiyaci-ruhani. İnsan əyyami-həyatında daima təlaşdadır ki, bu üç ehtiyacı rəf’ etsin və həyatın ləvaizindən bəhrəyab olsun. Ehtiyaci-cismani rəf’ olur təhsili-məlbusat və mə’kulat və məsakin və vəsaili-əmniyyət ilə; ehtiyaci-əqli rəf’ olur təhsili-ülum və təhqiqi-qəvanini-təbiət və inkişafı-əsrari-xilqət ilə. (Əgər insan bu ikinci ehtiyacın rəf’inə cahid olmasa, onunla... arasında bir fərq yoxdur). Ehtiyaci-ruhani rəf’ olur məhəbbəti-əyal və məhəbbəti-əqrəba və dustan və məhəbbəti-vətən ilə. Hətta məhəbbəti-əyal və vətən bir mərtəbədə ruha müəssirdir ki, bə’zi əmziceyi-əfradi-bəşərdə əyalın və vətənin müfariqəti həlakətə dəxi bais olur. Əvvəlinci ehtiyacın, yə’ni ehtiyaci-cismaninin rəf’i üçün lazım olan vəsait, – necə ki, bəyan olundu, – əhəmmi-zəruriyyati-həyatidir. Pəs hər kəs onun təhsilinə məcburdur ki, iqdam etsin. Bu surətdə əgər bir para vəsailin kəsbinə miqdari-kəfafdan zaid dərəcədə iqdam olunsa, kasibinə nisbət başqa vəsailin nöqsanına bais olacaqdır. İngilis həkimlərindən birisi, Sismond adlı, müşahidə etdi ki, ərbabi-istitaət külli-tənxahlarını xalqın ehtiyacından zaid miqdarda əmtəə və əqmişənin tədarükünə sərf etdilər ki, füruşa yetirsinlər. Bu surətdə haman ərbabi-istitaətin əməlində onların iflasını piş-əzvəqt istinbat edib ehtiyata düşdü və onları qəflətdən oyatmaq üçün Londonda parlamentdə məcməi-amdə minbərə çıxıb keyfiyyəti-məsturu təqrir və bu məsəli və’zinin təqviyətində bəyan elədi. Məsəli-həkim Sismond Əyyami-sabiqədə – ki, hələ elmi-sehr və cadu aləmdən məfqud olmamışdı, – bir dərviş illər ilə Hindistanda günbədi-dəvvarın dövründə riyazətə oturmuş və ənva və əqsam sehr dualarını günbədi-dəvvardan sinəsinin dəftərinə səbt etmiş, səyahət əzmilə Firəngistana güzar eləmişdi və Germaniyada Leypsiq şəhərində çay kənarında Qandalin adlı bir nəqqaş nemsənin evində mənzil tutmuşdu. Dərvişin heç xidmətkarı və müsahibi yox idi. Hər gün evdən çıxıb gedərdi axşamadək şəhərdə gəşt edərdi. Axşam qayıdıb gəlib haman mənzildə yatardı. Amma onun tamam mə’kulatı və məşrubatı haman mənzildə hazır olurdu. Nəqqaş Qandalin təəccüb etdi və öz-özünə dedi ki, görəsən bu tədarükat nə vəch ilə dərvişə hasil olur? Bir gün sübh çağı gəlib xəlvətcə dərviş olan otağın pəncərəsinin dalısında durub busdu görsün ki, dərvişə kim çaydan su gətirəcəkdir üzünü yumağa. Gördü ki, dərviş ayağa durdu, taxtın altından süpürgəni götürüb qabağında yerə qoydu, bir dua oxudu, süpürgəyə üfürdü, sonra süpürgə bir adam şəklinə düşüb, tez sənəyi qapıb, qapını açıb yüyürdü çaya, sənəyi doldurub gətirdi. Dərviş haman saatda yenə bir dua oxudu, haman adam yenə süpürgə şəklinə düşdü. Amma Qandalin ikinci duanın oxunduğunu heç görmədi və heç bilmədi ki, ikinci dua da var ki, haman adamı yenə süpürgə şəklinə salar. Qandalın bir fəqir və əhlü əyal sahibi nemsə idi. Nökəri və kənizi yox idi ki, onun evinə çaydan su gətirsin. Həmişə özü sübh çağı iş üstündən durub, sənəyi götürüb, çaydan su daşıyardı və gətirib evində çəlləklərə və qablara tökərdi, oturardı öz peşəsinə məşğul olardı. Fikir elədi ki, nə əcəb rahatlıq mənim üçün hasil olar, əgər dərvişdən bu duanı öyrənə bilsəm ki, süpürgə hər gün mənim evimin suyun daşıya, mən asudə işimə məşğul olam. Bu niyyət ilə bir gün sübh tezdən gəlib dərviş oturan otağın qapısının dalısında gizləndi, diqqət ilə huş və guşunu verdi haman duanı – ki, bir-iki söz idi, – öyrəndi, getdi. O birisi gün sabah vaxtı arvadına dedi ki, Mariya, dur süpürgəni bura gətir. Arvadı süpürgəni gətirdikdə, alıb qabağına qoydu, dərvişdən öyrəndiyi duanı oxudu, üfürdü, süpürgə haman saat bir adam şəklinə düşüb sənəyi qapdı, yüyürdü çaya, sənəyi doldurub, gətirib çəlləyə tökdü. Qandalin və arvadı sevindiklərindən mədhuşvar oldular ki, bir belə ne’məti-üzma onlara nəsib oldu və şəkildən ləzzət aparırdılar və şəkil peydərpey gedirdi su gətirirdi, çəlləklərə və qablara tökürdü. Tamam çəlləklər və tamam qablar doldu. Şəkil elə yenə su daşıyıb tökürdü. Su çəlləklərdən və qablardan daşıb evə dağıldı. Nəqqaş başladı çığırmağa ki, dəxi bəsdir, dəxi lazım deyil. Şəkil nə qanır! Elə haman qərar ilə çayın suyunu daşıyır... Su evi ağzına götürdü. Qandalin və arvadı təngə gəldilər, başladılar hər ikisi çığırmağa ki, dəxi istəmirik. Şəkil qulaq asmadı. Arvadı balaca uşaqlarının əlindən tutub həyətə qaçdı. Qandalın baltanı qapıb vurdu şəkilə, iki parça elədi. O saatda haman parçaların hər birisi əli sənəki bir şəkil olub, iki tərəfdən başladılar su daşımağa... Qandalin başladı balta ilə bunları parçalamağa; şəkillərin hər parçası ki, yerə düşürdü, bir başqa şəkil olurdu, əlində bir sənək çapırdı çaya, su daşımağa. Cümləsi on altı parça idi, on altı şəklə dönmüşdü. Qandalin yoruldu, baltanı saldı yerə, iki əlli başına-dizinə çırpa-çırpa fəryada başladı. Qonum-qonşu tamam fəryadına yığıldılar, gördülər ki, Qandalinin evində və dəhlizində və nəqqaşxanasında su dizə çıxıbdır və tamam nəqqaşlıq alat və əsbabı nə nəqqaş təsviratı su üzündə üzür və on altı adam şəkli sakit və samit elə su daşıyıb evə tökürlər, qonum-qonşular da şəkillərə yalvardılar ki, bəsdir dəxi, su lazım deyil, daşımayın. Şəkillər qulaq asmadılar. Qonşular tez dərvişi axtarmağa hər tərəfə adam saldılar. Dərvişi haradan tapacaq idilər? Qandalinin arvadı başına-döşünə çırpa-çırpa həyət içində şivən edirdi. Biçarə Qandalin bilmirdi ki, nə eləsin. Lailac qalmışdı. Birəhm şəkillər elə su daşıyırdılar, evə tökürdülər. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı, ər və arvad haman saat dərvişin əl-ayağına düşdülər, yalvarmağa başladılar. Dərviş haman saat bir dua oxudu, şəkillər tamam süpürgəyə döndülər. Qandalinin canı xilas oldu və evi viran olmaqdan salim qaldı və ona tövbələtmə oldu ki, dəxi... yesin dədəsi ilə, bir də dua ilə özünə su daşıyan qayırmasın. Su insana lazımdır və insanın əlzəm həvaicindən birisidir. Amma əgər kəfaf miqdarından ziyadə olsa, Qandalinin başına gələn müsibətə bais olur. Pəs məlbusat insanın cismani ehtiyacının rəf’inə lazımdır. Əgər kəfaf miqdarından ziyadə olsa, məsrəfə yetişməyəcəkdir. Və onun ziyadətinin təhsilində sərf olunan tənxah əbəs olub, bilaəvəz qalacaqdır. Və ərbabi-istitaətin iflasına səbəb olacaqdır. “Politiçeskaə gkonomiə” kitabından tərcümə edəni: Mirzə Fətəli Axundzadə; Qocur, sentyabrın əvvəli, hicri 1282-ci il (miladi 1865) * * * Con Stüart Mill azadlıq haqqında İngilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir: – Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi məfhumdur ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Pəs bu cür tərəqqi o zaman imkan tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində müqəyyəd olmasınlar; hər nə istəsə desin və hər nə bacarırsa etsin. Və əgər onun sözü, ya işi cəmiyyətin başqa fərdlərinin nəzərində məqbul olsa, cəmiyyətin başqa fərdləri də düşündükdən sonra onu təsdiq edər və ondan fayda taparlar; əgər məqbul olmasa, başqa bir adam onun səlahiyyətsizliyini bəyan edər. Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rə’ylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları atababanın və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra genə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya ne’mətlərindən tamamilə faydalanmış olardılar. Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin peyrəvləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığı tarixdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir və bundan sonra əgər minlərcə il bu tərzdə keçsə, genə bu biçarələrin əvvəlki halı ilə axırkı halları arasında heç bir fərq olmayacaqdır. Bəlkə demək olar ki, onlar daima geri gedəcəklər; çünki insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır. Avropa əhalisi də, papaların təsəllütü və katolik məzhəbinin şiddəti nəticəsində miladı tarixin ortalarına qədər yuxarıda zikr olunan biçarələr kimi idi. Lakin miladi tarixin ortalarında mütəfəkkirlər, hükəma və filosoflar zühur etdi və papalara itaət etmək boyunduruğunu boyundan atdılar və katolik məzhəbinin əleyhinə qalxışdılar və revolyusyon, yə’ni şuriş etdilər və dedilər ki: Bu nə deməkdir ki, biz də insan sinfindən olduğumuz halda, ağıl və bilikdən payımız olduğu halda, özümüzü bir neçə nəfər elmsiz və mə’rifətsiz papaların və həvariyyunun ki, vaxtı ilə bə’ziləri balıqçı, bə’ziləri də paltaryuyan olmuşlar, qulu edək?.. Əgər bu növ avamaldadan şəxslər bu əsrdə bizə təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə layiq bilmərik. Necə ola bilər ki, biz onlara baş əyək! Oxucu özü insaf etsin ki, onlardan hansı biri Nyuton və Uatta bərabərdir? Aya, rəvadır ki, Nyuton və Uatt və Avropa əhalisinin bugünkü tərəqqisinə bais olan minlərcə bu kimi bəşər dostları, filosof və mütəfəkkirlər, bu nadanlara nisbətən qul vəziyyətində dursunlar, onları özlərinə ağa qərar versinlər və onların haqlı-haqsız hökmlərindən çıxmağı qətiyyən caiz bilməsinlər? Fərz edək ki, bu din və qanun sahiblərinin sözlərindən və hökmlərindən bə’ziləri bəşəriyyətin əhvalına aid hüsn və səlahiyyətdən xali deyildir, amma onların düşüncələrində məcburilik meydana çıxdığından və onlar fikir azadlığını aradan qaldırdıqlarından, o növ hökmlərin rədd edilməsi vacibdir. Çünki onların qanunlarından hasil olacaq fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yanında bir qətrə kimidir. * * * 1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi. Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər. İranda həmsərhəd olan dövlətlər varlanmaq fürsətini əldən vermədilər. Bilxassə türklər düşmən qonşunun bu vəziyyətinə sevinirdilər. Təbiətləri üzrə tənbəl olan və nə ölüyə, nə də diriyə hay verən türklər belə dəqiqələrdə işğalçılıq ehtirası ilə yanırlar. Türklər İran sərhədlərini tez keçdilər və bir o qədər də zəhmət çəkmədən bütün Azərbaycanı və başqa həmsərhəd mahalları zəbt etdilər. O biri tərəfdən Buxara xanları Xorasan əyalətinin bir hissəsini tutdular; Xorasanın özü də, Herat də qorxu altında idi. O zaman Xorasanda yaşayan on səkkiz yaşlı şahzadə Abbas Mirzə Xorasan əmiri Mürşidqulu xanın köməkliyi ilə kiçik bir qoşun dəstəsi götürüb Qəzvinə hərəkət etdi və təxtü-tacın ona verilməsini atasından xahiş elədi. Əmirlərin özbaşınalığından təngə gəlmiş Məhəmməd şah oğlunun xahişini yerinə yetirdi, özü onu taxta oturtdu, bağrına basdı və xoşbəxt padşahlıq etməsi üçün xeyir-dua verdi. Cavan padşah öz səltənətini düzəltmək və nizama salmaq üçün böyük zəhmətlər çəkməli idi. O bilirdi ki, şərə bais olan vassallardır. Və bir neçə il dalbadal onlarla təkbətək vuruşub, onların özbaşınalığını aradan qaldırmağa və onları nüfuzdan salmağa zəhmət sərf etdi; iş o dərəcəyə çatdı ki, bunun adı çəkiləndə onlardan hər biri yarpaq kimi əsirdi. Vassallar İranı qüvvətli bir əlin idarə etdiyini və onların üzərində dəmir iradəli bir şəxsin hakimiyyət sürdüyünü görüb sakitləşdilər. O zaman Şah Abbas öz qüvvəsini hiss etdi; özbəklər Xorasandan, türklər isə aldıqları yerlərdən qovuldular. Şah Abbasın cəmi səciyyəvi sifətləri bir yana, ancaq bir şeyi demək lazım gəlir ki, bir sərkərdə və hakim olaraq, açıq meydanda, silah gücünə yox, incə fənd ilə, vəziyyətdən və fürsətdən istifadə edərək düşmənə qalib gəlirdi. İşdə və vuruşda qorxaq olan Şah Abbas ancaq müharibədən və onun nəticələrindən heç də qorxmazdı; müvəffəqiyyət qazanacağına arxayın olanda, hətta özü müharibə etmək fikrinə düşərdi. Gördüyü işlərdə cəsarətli olması, sərəncamlarındakı fəaliyyət, işdə cəld tərpənməsi, əlverişli cəbhələr seçməsi, müxtəlif manevralarla düşməni aldatması, yorması və azuqə tapmaq yollarını onun üzünə bağlaması sayəsində Şah Abbas həmişə düşmən üzərində qələbə çalardı. Sərkərdələrinin məsləhətlərinin ziddinə olaraq o, türklərlə üzbəüz gəlməkdən qaçmış və dörd dəfə onların ən qüvvətli ordularını məhv etməyə müvəffəq olmuşdur; həmin orduları müharibə zamanı özlərinə azuqə tapmaq imkanından məhrum etmişdir. Düşmən ordusunda aclıq və onun labüd nəticələri olan xəstəlik və ruh düşkünlüyü əmələ gəlməyə başladığı bir zamanda, düşmən ordusunun baş komandanı geri çəkilməyə məcbur olduqda, şah qoşunları düşmən ordusu sıralarının müxtəlif hissələrində qarışıqlıq törədir, onların pozulmasını və tələf olmasını axıra çatdırırdı. Müxtəsər, demək olar ki, Şah Abbas fitrətən partizan müharibəsi sərkərdəsi idi. O, bir neçə ildə vətəninin düşmənlərinə qalib gəlmiş və onları nəinki İranın əvvəlki hüdudlarından qovmuş, hətta İranla həmsərhəd olan bir çox müxtəlif torpaqları da ələ keçirmişdi. Azərbaycandan qovulmuş türklər sonra Bağdadı və onun əyalətlərini də əldən verdilər. Bu itkinin ciddiyyətini hiss edərək türklər 1618-ci ildə onu iranlılardan geri almaq fikrinə düşdülər. Hafiz Əhməd paşaya baş komandan adı verərək, Babi-ali onu lazımi vəsaitlə təchiz olunmuş böyük bir ordu ilə qalanı almaq və iranlılarla müharibəni davam etdirmək üçün Bağdada doğru göndərdi. Ancaq Şah Abbasdan onun ələ keçirdiyi qəniməti geri almaq çətin idi. O, düşmən ordusunun hərəkət etdiyini eşitcək, dərhal mühasirə olunmuş Bağdadın köməyinə gəldi və Bağdadın bir neçə mənzilliyində qərargah quraraq, öz səliqəsi ilə türklər üçün cürbəcür fəlakətlər hazırlamağa başladı. Türkiyə baş komandanı Şahın mühasirədəkilərə köməyə gəlməyi xəbərini aldı: o, mühasirəni götürməkdənsə, Şah qarşısına müharibəyə getmək fikrinə düşdü. Şah, düşmən türk qəbilələri arasında təhlükəli bir vəziyyətdə idi. Onu əzib ordusu ilə (bu ordu tələsik hərəkət etdiyi üçün, İranın müxtəlif hissələrindən çağırılmış bütün qoşunlarla hələ birləşməmişdi) qovduqdan sonra yenə də Bağdad mühasirəsini başlamaq olardı. Lakin Türkiyə baş komandanının qalanı almaq üçün başlanmış işlərdən əl çəkməyə ürəyi gəlmirdi. O, vəziyyət müsaid olarsa, Bağdadı hücumla almaq üçün, yaxud mühasirədəkilər arasında başlamış aclıqla Bağdadı təslimə məcbur etmək üçün həmin işləri qüvvətli surətdə davam etdirməyi lazım bildi. Lakin Şah Abbas Türkiyə baş komandanının Bağdad qapılarının açarlarını ələ gətirə biləcəyi səbəblərini aradan qaldırdı. İgid Səfiquluxanın komandanlıq etdiyi qalaya onun mahiranə fikirləşdiyi bir yol ilə 1000 nəfər təzə qoşun keçirildi. Sonra oraya 3000 pud barıt və güllə aparıldı. Bu iş elə məharətlə görüldü ki, hətta bir çox İran sərkərdələrinin buna inanmağı gəlmirdi; hücuma başlayıb faydasız olaraq çox adam itirən və hücumdan əl çəkən türklər isə buna artıq dərəcədə heyrət edirdilər. Bu zaman şah türklər arasında böyük qanqaralığa səbəb olan bir iş gördü: o, köhnə Bağdadın çay üstə çıxan qərb qapıları vasitəsi ilə mühasirədəkilərə 500 xalvar taxıl, çoxlu qoyun, toyuq və başqa şeylər çatdıra bildi. Türklər şahın hərbi hiylələrinə haqlı olaraq təəccüb etdikləri bir zamanda, Şah ordusu təzə gəlmiş qoşunlarla qüvvətləndi. Bu zaman Şah ordudan bir qoşun ayırıb Türkiyədən gələ biləsi qoşunları türklərə tərəf buraxmamağı və var qüvvə ilə düşməni hücumlarla narahat etməyi ona tapşırdı; o, özü Bağdada yaxınlaşırdı. Şahın bu sərəncamları nəticəsində Türkiyə baş komandanı bərabər qüvvəli və öz padşahlarının onlarla olmasından ruhlanmış bir orduya qalib gəlmək ümidini itirərək, bu ordu ilə vuruşmaqdan çəkindi və öz mövqeyində dayanıb qalaya qarşı fəal əməliyyatı davam etdirdi; İran qoşunu isə ağıllı və cəsarətli Zeynal xanın sərkərdəliyi ilə ona rahatlıq vermirdi. Zeynal xan düşmən cəbhəsinin ətrafında dərin xəndəklər qazımaq əmrini verdi. Hərçənd artıq türk qoşunu içərisində ərzağın bir qədər azlıq etdiyi hiss olunurdu, amma onlar Türkiyə qoşunu mühafizəsi altında çoxlu azuqə gəlməsini gözləyərək, bu vəziyyətə səbrlə dözürdülər. Birdən yarımac əsgərlərdən olan qoşun içərisində belə səs yayıldı ki, bu qoşun dəstəsi iranlılar tərəfindən məhv edilmişdir və bütün azuqə ehtiyatı da əllərindən alınmışdır. Türkiyə baş komandanının vəziyyəti çox çətin idi. Yeddi aylıq uğursuz mühasirədən sonra sultandan icazəsiz mühasirəni götürmək biabırçılıq olardı və baş komandanın da ölümü ilə nəticələnə bilərdi; bilmərrə qələbə ümidi verməyən mühasirəni davam etdirmək isə ağılsızlıq olub, yorğun ordudan sağ qalanları da məhv etmək demək idi. Bu ağır vəziyyət türkləri Şah ilə barışmaq üçün cəhd etməyə vadar etdi; ancaq danışıqlar nəticəsiz qaldı. Bu arada qalanı mühasirə edən Türkiyə ordusunun özü İran səyyar dəstələri tərəfindən mühasirə olunmağa başladı. Başqa bir çarə qalmamışdı: Hafiz Əhməd paşa İstanbula namə göndərməyi və geri çəkilmək üçün icazə istəməyi qət etdi. Ordusunda baş verən aclıq haqqında bir söz deməkdən çəkinərək, o, özündən asılı olmayan, qələbəni ləngidən və İranla müharibəni başqa bir əlverişli vaxta keçirməyi tələb edən səbəblər gətirirdi. Bu namənin qasid ilə göndərilməsindən istifadə edərək, bir çox türklər evlərinə və dostlarına məktublar göndərdilər. Lakin qasid İran qoşun dəstəsinin gözündən yayına bilmədi, tutuldu və bütün məktublarla Şahın hüzuruna gətirildi. Bu məktublar arasında türk ordu rəislərindən olan, sadədil və həqiqəti sevən bir türkün İstanbula, öz dostuna yazdığı məktub da var idi. Şah Abbasın tarixçisi İskəndərbəy bu məktubu özünün farsca “Aləmara” kitabında nağıl edilən bu hadisənin təsviri içərisinə salmağı lazım görmüşdür. O, məktubun məzmununu dəyişmədən, əslində olduğu kimi türk dilində vermişdir. Bizə mə’lum olduğuna görə, hələ Avropa dillərində e’lan olunmamış bu maraqlı tarixi sənədin tərcüməsini burada veririk: “Mehriban və səmimi dostum Müslühi-Çələbi əfəndiyə məhəbbətlə dolu dostluq salamı göndərərək vəziyyətimiz haqqında aşağıdakı mə’lumatı yazıram. Həqir ruhumuz hələ bədənimizdədir və gecəgündüz sizin xoşbəxtliyiniz üçün Allaha dua edib sizinlə görüşməyi arzu edirik. Bütün arzuları yerinə yetirən Allah-taala özü bizi sizin ziyarətinizə nail etsin. Əziz dostum, peşmanlıq və təəssüflə keçən yürüşümüz haqqında sənə nə yazım? Bədbəxtliklər beşiyi olan bu Bağdadı görüm bərbad olsun! Belə bir yürüş heç düşmənə də qismət olmasın! Doqquz aydır ki, hələ onun daşlarından biri də yerindən tərpənməmiş və xarab olmamışdır. Zalım iranlılar gəlincəyə qədər biz yeraltı lağımlar qazıb minalar düzmüşdük, pilləkanlar düzəltmişdik və hücuma hazırlaşmışdıq; lakin bizim qalanı almaq cəhdimiz hər dəfə faydasız oldu. Qapı qulu adlanan yeniçərlərdən və könüllü cavanlardan minlərlə seçmə adamımızı itirdik. Qələbə hər gün məl’un mühasirədəkilərin tərəfində olmuş və hər dəfə sadiq bəndələr şikəstlik tapmışdır. İşlərimiz belə getməkdə idi, birdən bizi çox pərişan edən bir xəbər yayıldı ki, Şah mühasirədəkilərə köməyə gəlir. Bunun dalınca da bizim rahatlığımızı pozanlardan biri olan Zeynal xanın sərkərdəliyi ilə Şahın qırx minlik ön dəstəsi yaxınlaşdı; məl’un və zalım iranlılar Dəyalə çayını keçdilər, gəlib qabağımızda durdular və vuruşmağa hazırlaşdılar. Bu arada Şahın özü qaniçici ordusu ilə bu dəstənin ardınca bizə yaxınlaşdı və bizi saymayaraq qoşunun bir hissəsini ayırıb Məndili qalası üzərinə göndərdi; burada bizim baş komandan tərəfindən qoyulmuş Məhəmməd Ağa və Mustafa paşa onlara tapşırılmış qoşunlarla birlikdə düşmən qarşısında dayana bilmədilər. Qala zorla alındı, türk qoşununun bir hissəsi məhv edildi, qalanı əsir düşdü və iranlıların özləri kimi dinsiz vəziyyətə gətirildilər. Lako qalası qoşununun da başına eyni iş gəldi. Bu itkilərin xəbəri müsəlman ordusu içərisinə çox böyük bir qorxu saldı. Baş komandan hələ fikrə gedib nə etməli olduğunu düşünürdü: o, tutduğu cəbhəni tərk edib Şahla müharibəyə girişməkmi, yaxud Bağdadın mühasirəsini davam etdirmək üzərində fikirləşirdi. Birdən xəbər aldıq ki, Şah özü sür’ətlə bizə doğru hərəkət edir. Zalım Zeynal xanı Şah ordusunun keçməsi üçün Dəyalə çayı üzərinə kəndir körpü salmağa qoymamaq lazım idi. Bunun üçün baş komandan Diyarbəkir valisi Murad paşaya seçmə əsgərlərdən 15000 adam verib 6 top ilə həmin yerə göndərdi; ancaq təəssüf ki, Murad paşa oraya gəlincəyə qədər, körpü artıq qurtarmışdı və məl’un Zeynal xanın özü ilə birlikdə üç, ya dörd min iranlı körpünü qoruyurdu. Kaş Allah tezliklə bu Zeynal xanı öldürəydi! Murad paşa dərhal onunla vuruşmağa girişib, özünün bütün dəstəsi ilə ona həmlə etdi; iranlılar onları cəsarətlə qarşıladılar və onların iki, ya üç hücumunu dəf edərək özləri də bizə hücum etdilər. Bizim bədbəxtliyimizdən, Allahın anlaşılmayan qəzası mövcibincə göy sakinləri türk qoşununa mərhəmət etmədilər; qoşunun sıraları pozuldu, Murad paşa məğlub oldu və ancaq bir neçəsi yaralanmış və soyulmuş yoldaşları ilə qaçıb qurtardı. Dostum, təsəvvür et ki, onların gecə vaxtı bizim düşərgəyə gələrək, Diyarbəkir, Qaramin, Gelab və Anadolu alaylarının məşhur, seçmə qəhrəmanlarının tələf olduqlarını xəbər vermələri qoşuna necə tə’sir buraxa bilər! Bu işdən sonra Şah maneəsiz öz qoşunlarını çaydan keçirərək bir dəstə qoşun bizim üzərimizə, bir dəstə köhnə Bağdadın üzərinə göndərdi; özü də gah orada, gah burada görsənərək, bizimlə gizlənqaç oynamağa başladı. Bir sözlə, biz Bağdadı mühasirə etdiyimiz halda, özümüz Şah tərəfindən mühasirəyə alınmış olduq. İndi bilmirik kimə qarşı əməliyyat aparaq, qalaya qarşı, ya Şaha qarşı? Birinci təqdirdə Şah bizə rahatlıq verməz, ikincidə isə mühasirədəkilər bizim arxa cəbhəmiz üçün təhlükə törədər. Bu vəziyyət bizi düşərgə ətrafına xəndək çəkməyə məcbur etdi və bu maneəyə baxmayaraq, gözümüzün qabağında iranlılar öz alaylarını döyüş qaydası ilə düzərək bizim üzərimizə hücum etmək fikrinə düşdülər. Başqa çarə yox idi, baş komandan dərhal davaya hazırlaşmağı əmr etdi. Qala qarşısında mina düzməklə məşğul olan yeniçərlərdən savayı, biz hamımız – böyükdən-kiçiyə qədər, atlı-piyada – iranlıların qarşısına çıxdıq. Tüfəng və top atışmaları başlanıb gün batıncaya qədər davam etdi. Bu zaman qoşun komandanı Zeynal xan şiddətli hücuma keçdi. Bunun alayları şən qışqırıqlarla, güllə və qumbaralara e’tina etməyərək, sel kimi üzərimizə töküldülər. Hücum elə yekdillik və qətiyyətlə başlandı ki, Elbrus dağı da onun qabağında davam gətirməzdi. Ön sıralarımız əzildi və geriyə, baş komandan özü oturduğu mərkəzə doğru atıldı. Mərkəz də hücumun zərbəsindən pozuldu. Xəndəkdə döyüş meydanı çox dar olduğundan cərgəyə düzülmək mümkün deyildi. Piyadaların bir çoxu iranlıların atlarının ayağı altında əzildi, bir çoxu xəndəkdən keçib möhkəmlənmiş düşərgədə mühafizəyə sığına bilmədi, əks tərəfə qaçdı və xəbər-ətərsiz itdi; qoşunun qalan hissəsi düşərgəyə keçə bildisə də, bunların pərvanə kimi qanadları yanmış, ürəkləri üzülmüş idi. Bu işdən sonra baş komandan öz yanında qoşun rəislərinin hərbi şurasını çağıraraq, e’lan etdi ki, artıq bir də düşərgə arxasında iranlılarla toqquşmaq yaramaz; biz qalaya qarşı əməliyyatımızı qüvvətləndirməliyik ki, bəlkə qalanı təslim edə bilək. Hamı bir səslə bu təşəbbüsü bəyəndi. Lakin Şah bizim xəyalımızı duydu və keçən gecə 15 minlik qoşunun mühafizəsi altında mühasirədəkilərə dəvə və qatırlarla 3000 yük ərzaq çatdıraraq bizim ümidimizi puça çıxardı. Bu işə mane olmaq üçün göndərdiyimiz alaylar bədbəxtlikdən məğlub edilib, Şətt çayında batırıldılar və çoxlu miqdarda ərzaq gözümüzün qabağında gəmilərlə qalaya daşındı. Biz bunun qarşısını ala bilmədik. Bu şikəstlik və müvəffəqiyyətsizliklərdən türk ordusunun beli büküldü. Qalanı almaq ümidini itirdik, özümüzü xilas etmək üçün düşünməyə başladıq; çünki işlər pis şəkil aldı; Bağdadı almaqdansa bizim özümüzü iranlılar əzib tabe edə bilərdilər. Bu əsnada Şah öz qoşun dəstələri ilə bizi əhatə etdi və vətənimizin daxili hissələri ilə bütün əlaqəmizi kəsdi. Yalnız quru yolu ilə yox, heç su ilə də bir quş belə bizim yanımıza uçub gələ bilməzdi. Böyüklükdə Dunaydan geri qalmayan Şətt və Fərat çayları İran süvarilərinin ayağı altında kiçik bir çay kimidir. Hillə, Kərbəla, Fəllucə və Müseyib kimi yerlər artıq qəsb edilmiş və o yerlərdə Aslan paşanın və başqa böyük paşaların sərkərdəliyi altında olan bütün türk qoşunları qırılmışdır. Bədbəxtliyimizi qələmim yazmağa, dilim nağıl etməyə acizdir. Artıq çoxdandır ki, müqəddəs düşərgəmizə heç bir tərəfdən azuqə çatdırılmır. Bə’zilərinin əvvəlki ehtiyatı qurtarmış, bə’zilərininki az qalmış və bu qiymətlərə satılır: bir vakiyə un 40 ağçaya, iki vakiyə yağ 2 quruşa, 1 vakiyə xurma 1 quruşa, bir keyl arpa 8 quruşa, üç dirhəm çörək 1 ağçaya, bir vakiyə at əti 40 ağçaya. İftixar və ləzzətlə həmişə paxlava yeyən adamlar indi at ətinə baxanda sevindiklərindən peyğəmbərə şükür-səna göndərirlər. Əvvəllər Misir kətanından köynək geyən o şəxslər indi dağılmış çadır cındırlarından köynək geyəndə sevinirlər. Qəhvəxanalarda oturub iranlılara istehza edən xudbin və özlərini öyən ağalar indi ən adi bir iranlını belə görəndə onu Firdövsinin qəhrəmanı Rüstəm kimi hesab edirlər. Allahın köməkliyi ilə iranlıların varını alıb özlərinə dövlət düzəltmək xəyalına düşən bu yalançı pəhləvanlar, indi özləri öz çadır və şeylərini tərk edərək öz həyatlarını qurtaranda sevinirlər. Bir dəstə nökər yanlarında, gümüş yəhərli at üstündə hamama gedən dövlətlilər indi palanlı eşşək sahiblərinə ürəkdən həsəd aparırlar; çünki bütün şəhərdəki adamların ancaq dördə birinin heyvan saxlamağa ixtiyarı vardır, qalanlarının hamısı bu hüquqdan məhrumdur. Əgər yerimizdən tərpənmək lazım gəlsə, qoşunun üç hissəsi piyada sürünməlidir. Bax, indi bizim vəziyyətimiz belədir. Təəssüf ki, hərbi yürüş başlananda Bağdad mühasirəsində istifadə etmək üçün böyük kalibrli mühasirə topları Bəsrədən çıxarılmışdır. Bu toplar xoşbəxt Sultan Süleymanın hökmranlığı dövründən qalmışdır. Onları düşmən üçün qoymaq fikri baş komandanı öldürür. Bu ləkə əsrlərlə Osman nəsli üzərində qalacaqdır! Dəfələrlə yardım və pul üçün qasidlər göndərilmişdir, ancaq onların hamısı xəbər-ətərsiz itmişdir; bilmirik iranlıların əlinə keçmişlər, ya ki, öz keyfində olan hökmdarımız bütün türk ordusunun Yer üzündən məhv olmasını istəyir?! Əgər keçən ay bizə kömək gəlsə idi, ordunun xilasına ümid olardı. İndi isə bizim sahib həzrətləri iltifat edib buraya gəlsə də bizə kömək edə bilməz; çünki bizim üçün bir tərəfdən Dəyalə çayı, o biri tərəfdən Şətt çayı, arxadan Şah Abbas, ön cəbhədən də Bağdad təhlükə törədir. Məgər təkcə bir Allah bizi bu qorxunc tələdən xilas edə bilərmi? Müxtəsər, ulu babamız Adəmin vaxtından heç kəs belə bir çıxılmaz girdaba düşməmişdir! Görünür, İran şahının sərəncamları taleyin bizim üçün yazdıqlarına müvafiqdir. Şübhəsiz ki, bunlar hamısı peyğəmbərimizin istəklisi müqəddəs Əlinin xahişi ilə əmələ gəlir. Bilmirik nə üçün bizim İmami-Ə’zəm* bizə belə rəhmsizlik edir. Biz onun qəbrini və müqəddəs sümüklərini xilas etmək üçün buraya gəlmişik və ona da pənah gətiririk. Ancaq, dostum, yüngülfikirli adamların məzəmmətinə düçar olmamaq üçün bu son sözləri ucadan oxuma. Düşdüyümüz fəlakətə əlavə olaraq, düşərgəmizdə şiddətli xəstəliklər də vardır. Buranın iqlimi iranlıların əyri qılıncından da öldürücüdür. Adamlar əksəriyyətlə ya qəflətən, ya qarın ağrısı və su xəstəliyindən ölürlər. Daima öldürücü, zəhərli küləklər əsməkdədir. Hansı sağlam bədən belə bədbəxt hadisələrin qarşısında dayana bilər?! Xoşbəxt o adamdır ki, bu fəlakətdən qurtara bilə və bir də öz dostları ilə görüşə. Yaxşı dostlara salamımızı yetir. Bizi bağışlasınlar. Bizdən də qoy Allah öz nəzərini kəsməsin. Bərkə düşsək, İmami-Ə’zəmin qəbri yanında can verməklə təskinlik taparıq! Bə’zi şeyləri təfsilat ilə yazmamağıma acığın tutmasın; bir sətir yazmamış hay-küy qopur ki, düşmən gəlir. Bu məl’un və zalım iranlılar türk qoşunları qarşısında o qədər cəsarətli və qorxmaz olmuşlar ki, bizi qoyun hesab edirlər və qurd kimi üstümüzə tökülürlər... Bizim düşərgəmizin xəndəyi yanından “vur, kəs!” səsləri kəsilmir. Gecələr isə rahatlığımız yoxdur. Belimizdən kəməri açmaq və silahı yerə qoymaq imkanı yoxdur, ancaq olur ki, iki əl ilə başımızı qoruyuruq. Allahdan savayı heç kəs bizim qismətimizdən xəbərdar deyil. Əgər hər şeyi müfəssəl yazmağa dursam, kağız-qələm çatmaz. İnanmıram ki, məhşər gününün müsibəti bizim düşdüyümüz müsibətdən artıq ola”. Türk əfəndisi öz məktubunu bu sözlərlə qurtarır və öz rəhbərinin qanmazlığı nəticəsində acınacaq bir hala gətirilmiş Türkiyə ordusunun pozulması haqqında öz dostuna belə mə’lumat verir. Mənim tərcümə etdiyim məktubda söylənilən bu hadisənin doğruluğu, türk tarixçisi Murtuza Nəzmizadənin Bağdad tarixinə dair yazdığı “Gülşəni-xüləfa” adlı əsərdə də təsdiq olunur. Nəhayət, Bağdad yaxınlığında qalmaq imkanı olmayan Türkiyə baş komandanı öz dövlətindən geri çəkilmək icazəsi gözləmədən, ordunun sağ qalmış nəfərlərini labüddən məhv olmaqdan qurtarmaq üçün geri çəkilməyi qət etdi. Ancaq müvəffəqiyyətlərlə ruhlanmış düşmən dəstələri arasından geri çəkilmək də az fəlakətli deyildi. Belə bir çətin vəziyyətdə o, Şahın mərhəmətinə müraciət etdi; hərbi əməliyyatın dayandırılmasını, Bağdad yaxınlığında onun rəyasəti altında qalmış qoşunların çıxarılmasına və İstanbula qayıtmasına icazə verməsini təvəqqe etdi və bu mərhəmət müqabilində iki dövlət arasında sülh bağlanmasına ürəkdən kömək edəcəyini və’d etdi. Şah, Türkiyə baş komandanının xahişini qəbul etdi və onun düşərgədən çıxmasına icazə verdi. Türklər onlara mərhəmətlə aman verildiyini eşidib sevindilər, heç bir qayda gözləmədən, rəislərini unudaraq öz darısqal düşərgələrindən çıxmağa tələsdilər və müxtəlif istiqamətlərdə dağılışdılar. Bunların çoxu iranlılar tərəfindən soyuldu və çılpaq buraxıldı. Beləliklə, Hafiz Əhməd paşaya tapşırılmış ordudan bir şey qalmadı. Qəlbinə bir qədər təskinlik olmaq üçün, onun başına ağır topları yerə basdırmaq fikri gəldi. Qaldırılması mümkün olmayan başqa ağır şeylər isə öz yerlərində qaldılar. O, sə’ylə möhkəmləndirdiyi düşərgəni dərin bir kədərlə tərk etdi və ordunun azacıq qalıqları ilə İstanbula tərəf hərəkət etdi. Yolda o öz acığını, iranlıların kiçik bir dəstəsindən qorxub qaçmış və bununla da, türk ordusunun hərbi-əhvaliruhiyyəsinin zəifləməsinə səbəb olmuş Diyarbəkir valisi Murad paşadan aldı. Yatağanın bir zərbəsi ilə bu bədbəxtin başı bədənindən ayrıldı. Bu, türklərin fəlakəti ilə nəticələnən yürüşün axırıncı qurbanı oldu. Bundan sonra Bağdad uzun müddət iranlıların əlində qaldı. * * * Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır. Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı. Birinci fəsil Xristofor kolumbun doğulması Xristofor Kolumbun uşaqlıq illəri haqqında düzgün mə’lumat yoxdur; onun doğulduğu yer və vaxt da mə’lum deyildir, ata-babası da unudulmuşdur. Dostlarından biri yazmışdır ki, o, təxminən 1435-ci, 1436-cı ildə doğulmuşdur. Kolumbun doğulduğu yer haqqında bir çox ehtimallar vardır; düzgün söz budur ki, o, Genuya şəhərində doğulmuşdur. Kolumbun əsil-nəsəbi haqqında fikirlərdə də ixtilaf vardır. Bə’zi nəcib sülalələr onu öz ailələrindən sayırlar. Amma Kolumbun oğlu Ferdinand – ki, atasının tərcümeyi-halını cəmləyəndir, – bu sözləri rədd edir və deyir ki, onların nəsli atasının dövrünə qədər adsızsansız idi; ancaq atası şöhrət qazanmışdır. Kolumbun qohumları yoxsul olsalar da, həmişə yaxşı və hörmətli şəxslər olmuşlar. Kolumbun atası həllac bir adam olub Genuya şəhərində yaşayırdı. Onun üç oğlu var idi: böyüyü Xristofor Kolumb, ikincisi Varfolomey, üçüncüsü isə Çakomba idi ki, Əndəlis tarixçiləri onu Diğo adlandırırlar. Çakombanın bir qızı var idi ki, onun əri Vavarella adlı alçaq adamlardan biri idi. Kolumbun tərbiyəsi kamil olmasa da, ancaq bu xüsusda atası mümkün qədər hümmət sərf etmişdi. Xətti o qədər yaxşı idi ki, əgər güzəranı çətin keçsə idi, xoşnəvisliyi ilə özünə ruzi qazana bilərdi. Bundan başqa o, riyaziyyat elmi və nəqqaşlıq sənətini də yaxşı bilirdi. Bir müddət Lombard məktəbində oxuyaraq, sərf-nəhvi və latın dilini öyrənmişdi. Kolumb gəmi sürməkdə də artıq məharət qazanmışdı. O, riyaziyyat, coğrafiya və elmi-nücumu mükəmməl oxumuşdu. İlk gənclik zamanı onda gəmi sürməyə və coğrafiyaya həvəs oyanmışdı və bu həvəslə o, həmin iki sahənin elmlərini mükəmməl öyrənmək üçün artıq dərəcədə hümmət sərf edirdi. Son zamanlarda, yə’ni Yengi Dünyanı tapdıqdan sonra Kolumb özünün gəmi sürməyə və coğrafiya elmlərinə olan bu həvəsini ilhamiqeybi və səmavi vergilərdən sayırdı. Bu, həqiqətən belə idi. Çünki heç yerdə görülməyib ki, bir həllac oğlu fasiləsiz olaraq tamam on beş il aramsız bu padşahın, o padşahın qapısına gedib öz məqsədini başa çatdırmağa kömək almaq üçün yalvarıb-yaxarsın, camaatın gözündə dəli kimi görünsün, heç kəsin tə’nə və əziyyətindən ümidsizliyə düşməsin, əksinə, bunlar onun şövq odunu günü-gündən alovlandırsın və nəhayət, ondan misli təsəvvür oluna bilməyəcək böyük bir iş zahir olsun. Bəşər ağlı bu mübhəm hadisəni dərk etməkdən aciz qalır. Qeyri-ilham və səmavi vergi olmasa, başqa yol ilə heç kəsə belə bir hal üz verə bilməz. Kolumbun əsri çoxlu ixtiraların baş verdiyi əsrlərdəndir. İnsanların cəhaləti, din və məzhəbə uyması nəticəsində coğrafiya və başqa elmlər Avropa torpağından silindikdən sonra, elm yalnız keşişlərin mə’nasız sözlərindən ibarət idi. Onlar özləri zəlalətdə olduqları kimi, xalqı da zəlalətə atırdılar. Bəşər növünün xoşbəxtliyi üçün faydalı olan elmlər Afrika torpağının içərilərində örtülü qalmışdı. Afrikada yaşayan ərəb alimləri Yer üzünün məsafəsini ərz və tul dərəcələri vasitəsilə tə’yin edirdilər. Bu elm yavaş-yavaş Avropada yayıldı və şöhrət qazandı. Onun ətrafında əsərlər yazmağa başladılar. Xristofor Kolumb haman bu əsrdə meydana gəlmişdir. İkinci fəsil Xristofor kolumbun gəncliyi Kolumb gənclik çağında məktəbdən çıxıb Genuyaya qayıtdı. O, öz atası ilə görüşərək bir müddət bu şəhərdə yaşadı. Tarixçilərdən bə’zilərinin fikrincə bu vaxtlar Kolumb öz atası kimi həllaclıq sənəti ilə məşğul olurdu; lakin doğrusu budur ki, o, məktəbdən ayrıldıqdan sonra gəmi sürmək xidmətinə başlamışdır. Qalabrinin valisi Anjo, Genuya şəhərində mühüm tədarük görüb çoxlu gəmilərdə Neapolitan ölkəsinə qoşun aparmağa hazırlaşırdı ki, o ölkəni qəsbkarın əlindən alaraq, yenə də öz atası kral Zinerə versin. Ölkənin prezidenti Neynaz da bu səfərdə vali ilə yol yoldaşı idi. Xristofor Kolumbun birinci dəniz səfəri də bu zaman vaqe oldu. Kolumb da prezidentin qoşunu ilə gəmiyə minib yola düşdü. O, ikinci dəniz səfərinə məşhur pəhləvan Korserin yoldaşlığı ilə çıxmışdır. Bu pəhləvan həmişə Əndəlis ərəbləri və vətənin başqa düşmənləri ilə müharibə edərdi. Bir gün ona xəbər verdilər ki, venesiyalıların bir neçə gəmisi çoxlu mal ilə Flandri şəhərindən qayıdır. Korser öz hərb gəmiləri ilə Portuqaliyanın sahillərində Lissabon ilə San-Vebesan arasında dayanıb həmin gəmilərin çatmasını gözlədi. Venesiyalıların gəmiləri yetişəndə Korser onlara hücum edib, müharibəyə başladı. Hər iki tayfanın arasında şiddətli bir müharibə baş verdi. Gəmilər hər tərəfdən bir-birinə hücum etdilər. Xristofor Kolumbun olduğu gəmi venesiyalıların böyük bir gəmisi ilə üz-üzə gəlib toqquşdu. Hər iki tərəfdən gəmilərə yandırıcı maddələr atıldığı üçün, hər iki gəmi od tutdu və onları xilas etmək çətin oldu. Kolumb çarəsiz qalıb gəminin kürəklərindən birini əlinə alaraq özünü suya atdı. O, üzgüçülüyü yaxşı bildiyindən üzə-üzə özünü sahilə çıxardı və yorğun halda yıxıldı; dincəldikdən sonra Lissabon şəhərinə qayıtdı. Bu şəhərdə Kolumbun çoxlu həmyerlisi olduğu üçün o, buranı özünə vətən qəbul etdi. Onun Portuqaliya ölkəsinə düşməsinin səbəbi budur. Üçüncü fəsil Portuqaliya şahzadəsi henrixin Məlum olmayan torpaqları kəşf etmək Sahəsində nailiyyətləri haqqında Mə’lum olmayan torpaqları tapmaq həvəsi hələ Kolumbdan bir qədər əvvəlki adamların xəyalında baş qaldırmışdı. Buna görə də o zamanlarda Atlantik dənizinin qərb sahillərində bir çox adamlar dəniz səfərinə çıxırdılar. Tarixçilərdən bə’ziləri sübut edirlər ki, xalqın dəniz səfərinə bu cür meyl etməsinin səbəbi o idi ki, Masam adlı bir nəfər ingilis bir qıza aşiq olub, onu gəmiyə oturdaraq İngiltərə torpağından qaçmışdı ki, öz sevgilisi ilə Fransaya yetişsin. Təsadüfən yolda tərs külək əsərək Masamın gəmisini o vaxta qədər heç kəs tərəfindən nişan verilməyən və əhalisi olmayan bir adaya çıxardı. Bura cürbəcür meyvələr, məhsullar və ağaclarla dolu idi; sonralar bu adanın adını Madrav qoydular. Amma başqa tarixçilər deyirlər ki, başdan-ayağa behişt bağlarına oxşayan və keçmişdə “Xoşbaxtlar adaları” adlanan Qanar adaları tapıldıqdan sonra, Betlimosun zamanından Kolumb əsrinə qədər yenə də itirilmişdi. Bu da insanların dəniz səfərinə həvəsinin artmasına səbəb oldu. Maraqlananlardan biri də Portuqaliya şahzadəsi Henrix idi ki, ilk gənclik illərində atası ilə birlikdə Afrika ərəblərinə qarşı müharibəyə başlayıb, Qeyt şəhərinin qapısına qədər qələbə və qəhrəmanlıq bayrağını yüksək tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət nümunələri göstərirdi. Lakin şahzadənin elmə həvəsi onun müharibəyə meylindən çox-çox artıq idi. Müharibənin ciddi anlarında da elm və fəlsəfi təhqiqat ilə məşğul olmaq xəyalı onun fikrindən çıxmırdı. Şahzadə Qeyt şəhərində olduğu zaman Afrika haqqında ərəblərdən bir çox mə’lumat əldə etdi və burada onun fikrinə gəldi ki, əgər Afrikanın qərb sahillərindən keçilərsə, hər halda elə torpaq tapmaq mümkündür ki, o vaxta qədər heç kəsə mə’lum olmamış olsun. Bu məqsədlə də o, Portuqaliyaya qayıtdıqdan sonra, həmişə alimləri öz mənzilinə yığıb gəmi sürmək sahəsində təhqiqata məşğul olurdu. Henrix riyaziyyatı yaxşı bildiyi üçün, o əsrdə ərəb alimlərinə məxsus olan elmi-nücumu az bir vaxtda öyrəndi. Lazımi təhqiqatdan sonra şahzadə Henrix yəqin etdi ki, dəniz üzərində səfər etdikdə Afrikanı keçib Hindistana çatmaq və Afrika qit’əsinin bütün sahillərini kəşf etmək mümkün olacaqdır. Bu səfərdən böyük qazanclar əldə etmək və öz vətəni olan Portuqaliyanı namə’lum yerlərin məhsulu ilə doldurmaq mümkün olacaqdır. Şahzadə Henrixin arzuları bədbin adamlara oyuncaq kimi görünürdü. O günə qədər adamlar belə bir rə’ydə idilər ki, havanın istiliyinin şiddətindən xətti-üstüvanın altından keçmək mümkün deyildir və deyirdilər ki, yalnız Boyador boğazına qədər getmək olar. Ancaq bir adam bu boğazdan uzaqlaşdımı, bir daha buraya qayıda bilməyib həlak olar. Bu boğazın yaxınlığında elə burulğanlar vardır ki, insan onları xatırlayanda dəhşətə gəlir. O əsrin adamları bu fikirdə idilər ki, həmin boğazdan bu qədər uzaqda dənizin suyu, od üzərində qaynayan su kimi, Günəşin istisindən qaynayır. Bu əqidəni alt-üst etmək üçün şahzadə Henrix gəmiçilik elmi sahəsində çox zəhmətlər sərf etdi. O, əsrin bütün alimlərini Saqr şəhərinə çağırıb dənizin məsafəsini, düşərgələri və duracaqları tə’yin etmək üçün məsləhətləşməyə və xəritələr tərtib etməyə başladı. Henrixin bu hümmətinin nəticəsi o oldu ki, onun buyuruğu ilə Portuqaliya gəmisi xəritə və kompasın varlığı ilə cür’ətlənib Boyador boğazından keçməyə cəsarət etdi və gördü ki, bütün qorxular nahaq imiş. O, Afrika sahillərinin bir çoxunu bələdləməkdən başqa, Azor adalarını da tapıb geri qayıtdı. 1473-cü ildə şahzadə Henrix vəfat edib, bütün vətəndaşlarını təəssüf və kədərə düçar etdi. Naməlum adaları kəşf etmək haqqında onun arzuları öz sağlığında tamamilə yerinə yetmədisə də, onun bu sahədəki sə’yləri nəticəsində o əsrin adamları qəflət yuxusundan oyanıb, coğrafiya elmini öyrənmək və gəmi sürmək sənətində məharət əldə etmək üçün çalışmağa başladılar. Portuqaliya camaatı tez-tez dəniz səfərinə iqdam edib bir yer, bir ada tapırdı. Qol gücü və silah hədəsi ilə yox, elm sayəsində əldə edilən bu qələbələrlə, Avropa ölkələrinin ən kiçiyi olan Portuqaliya fövqəl’adə bir əzəmət kəsb etdi və qonşu dövlətlərin həsədəsinə səbəb oldu. Bəli, hansı ölkədə ki, millətin başçısı şahzadə Henrix kimi nəfsani ləzzətləri tərk edərək, elm və inkişaf ardınca getsə, onun vətəndaşları belə bir hümmətin sayəsində çoxlu mənfəətə çatarlar. Dördüncü fəsil Kolumbun lissabonda sakin olması və Mühit dənizinin o tərəfindəki bə’zi Adalar haqqında müxtəlif xəbərlər Kolumb 1470-ci ilə qədər Lissabonda sakin oldu. O, ucaboylu və qüvvətli bir kişi idi. Xoş siması var idi, üzü uzunsov, nə kök, nə də arıq idi; rəngi qırmızıya çalırdı. Üzündə incə qara xallar görsənirdi. Qızılquş burnu kimi əyri burnu və iri gözləri var idi. O, həmişə sadə paltar geyərdi, içkilərdən və zərərli yeməklərdən tamamilə uzaq gəzərdi. Aydın və asan danışardı, insanlarla rəftarında çox mehribanlıq göstərərdi. Məzacına görə təbiətində tez incimək xüsusiyyəti olsa da, həmişə ağlının gücü ilə hirsini yatırmağı bacarardı; heç kəsin qəlbini incitmək istəməzdi. Kolumb Lissabon şəhərində Henrixin gəmi rəislərindən olan Moni adlı bir şəxsin qızı ilə sevişib evləndi. Onlar Lissabonda sakin oldular. Qayınanası tez-tez dəniz səfərlərində mərhum ərinin başına gələn sərgüzəştlərdən yeznəsinə nağıl edərdi. O, Monidən qalan bütün yazıları və layihələri də Kolumba vermişdi. Kolumb da bə’zi portuqaliyalılar ilə birlikdə dəniz səfərinə başlayıb Qoniya sahillərinə qədər gedər, həmişə qayıtdıqdan sonra yerlərin və düşərgələrin xəritəsini tərtib edər və öz ehtiyacını da bu yol ilə tə’min edərdi. Nəhayət dərəcədə yoxsulluğa düçar olmasına baxmayaraq, Kolumb yenə də öz qoca atasını yaddan çıxarmayıb, xəritə satmaqla əldə etdiyi pulun yarısını onun dolanacağı və iki kiçik qardaşının tərbiyəsi üçün xərc edirdi. O zaman coğrafiya elmi çox nöqsan və kəsrlər içində olduğundan, torpaq və dəniz xəritələrində düzgünlük və aydınlıq olmadığından, öz tay-tuşuna nisbətən coğrafiya elmində mahir bir adam xalqın diqqətini cəlb edirdi. Xristofor Kolumb coğrafiyanı başqalarından yaxşı bildiyi üçün az müddətdə böyük bir şöhrət qazandı. Onun çəkdiyi xəritələr həmişə yaxşı satılırdı. Bir gün Kolumb qit’ələri və Yer üzünün məsafəsini tə’yin etmək barədə fikrə gedərək, coğrafiya qanunlarına görə Yer kürəsinin böyük bir hissəsinin namə’lum olduğunu gördü. Bu gündən e’tibarən fikirləşirdi ki, hansı bir tədbirlə Yer kürəsinin namə’lum hissəsini tapmaq mümkündür. Xüsusi ilə yoxsulluq və məhrumiyyət həmişə onu həyəcana gətirirdi; o, bu fikirdə idi ki, öz kəskin ağlı sayəsində bir işə iqdam edib bu yol ilə şöhrət tapsın və yoxsulluq bəlasından xilas olsun. Bu məqsədlə Kolumb öz yaşayış yerini dəyişib, Lissabondan o vaxt yeni adalardan sayılan Portusantu adasına köçdü. Arvadı burada bir oğlan doğdu ki, adını Diğo qoydular. Bu adanın hakimi Kolumbun arvadının qohumlarından olan bir qızın əri idi. Bu səbəb görə də Kolumbun hakimin evinə get-gəli var idi. O, alim və çox mə’lumatlı bir adam olduğundan hakim onunla həmsöhbət olmağı xoşlar və qənimət sayardı. Çox vaxt adalar və qit’ələr haqqında söhbət edib deyirdilər ki, şübhəsiz Afrikanın qərb tərəfində namə’lum torpaqlar vardır ki, bu torpaqlara tərəf səfər etmək və onlardan o yana, Hindistana yol açmaq mümkündür. Kolumb bu adada bir çox tacir və dəniz müsafirləri ilə görüşüb onlardan belə bir xəbər eşitdi ki, Afrikanın qərb tərəfində dənizdə onların gözünə torpaq və dağa oxşayan bir qaraltı görünürdü. Naşı tacirlərin bu cür sözləri onların şübhələrindən meydana gəlirdi və həqiqətdə doğruluqdan payı yox idisə də, ancaq onları eşitmək Kolumbun niyyətini qüvvətləndirir, şövqünü atrırırdı. Beşinci fəsil Qərbin o tərəfində namə’lum torpaqların Olması haqqında xristofor kolumbda Təsəvvür yaradan səbəblər B i r i n c i: Xristofor Kolumb deyirdi ki, Yer kürəvi şəkildədir. Beləliklə, Şərqdən Qərbə qədər olan uzun yolu keçib getmək mümkündür. Betlimos qanununa görə o, bu fikrə gəldi ki, Yer kürəsinin ortasında bir mehvər vardır. Elə fərz edək ki, Şərq ilə Qərb arasındakı məsafə iyirmi dörd saatlıq bir yoldur və hər saat da otuz dərəcədən ibarətdir. Keçmiş alimlər on beş saatlıq məsafəni tə’yin edərək yer üzünün qalan hissəsini bilməmişdilər. Portuqaliyalılar axır vaxtlar Azor adalarını və Əhfər boğazını fəth etməklə, guya bir saatlıq məsafəni də kəşf etmişdilər. Beləliklə, səkkiz saatlıq məsafə, yə’ni yerin üçdə biri hələ mə’lum deyildir. İ k i n c i: Kolumb okeanın bir bu qədər geniş, okeanın bu tərəfi ilə o biri tərəfi arasındakı məsafənin keçilməz dərəcədə çox olduğunu güman etməyən alimlərin əsərlərini düzgün hesab edirdi. O deyirdi ki, alim Aristotel də bu fikri təsdiq edib demişdir ki, Yer kürəsinin ortasından kəmər kimi uzanan Sakit okeanın bu tərəfindən o tərəfinə keçmək mümkündür. Ü ç ü n c ü: Kolumb bu fikirdə idi ki, Qərb tərəfdə guya adalar və dağlar görən bə’zi adamların yazıları da onun mülahizələrinə qüvvət verir. Bu dəlillər günü-gündən onun fikrini qüvvətləndirirdi. O, öz sözünün doğruluğuna o qədər inanırdı ki, elə bil namə’lum qit’əni gözü qabağında görürdü. Onun bu qənaəti bə’zən öz fikrini sübut üçün ayrı-ayrı şəxslərlə apardığı danışıqlarda da görünürdü. Altıncı fəsil Kolumbun portuqaliya padşahına Təklifi Xristofor Kolumb öz niyyətində möhkəm olduqdan sonra Portuqaliya padşahının yanına gedib bildirdi ki, əgər padşah mənə gəmi və xidmətçilərə kömək etsə, Afrika sahillərini keçib, Atlantik dənizi ilə qərbə tərəf səfər edib elə torpaqlar taparam ki, heç kəsə mə’lum olmasın; o yerlərdən dövlət üçün hesabsız sərvət əldə edib, oradan Hindistana yol açaram. Portuqaliya padşahı işin əvvəlində Kolumbun sözlərini xam xəyal hesab edib, onun təklifinə kifayət qədər e’tina etmədi. Lakin Kolumb öz dəlillərini möhkəm bir e’tiqad ilə söylədikdə, padşah heyrətdə qalıb məsələ ilə maraqlanmağa başladı. Buna görə də onun təklifini məsləhət evinin müzakirəsinə həvalə etdi. Məsləhət evi Kolumbun namə’lum torpaqlar haqqında dəlillərini nəzərdən keçirərək, bu dəlilləri öz arşını ilə ölçdü və Kolumbun başını xarab hesab edib təklifini tamamilə rədd etdi. Əlavə olaraq yazdılar ki, Afrika sahilləri hüdudundan hər cür dəniz səfəri mə’nasızdır, namə’lum torpaqları tapmaq məqsədi ilə olan dəniz səfərlərinin zərərdən başqa heç bir faydası yoxdur. Bu səfərlər nəticəsində insanlar öz adi peşələrindən geri qalıb xam xəyallar ilə sərgərdan olur və dövlətin sərvət və qüdrətinə zərər yetirirlər. Portuqaliya dövləti bu yaxın zamanlara qədər düşmənləri ilə müharibə aparırdı. Rəiyyət arasında xəstəliklər də yayılmışdı. Əgər bundan sonra dəniz səfərlərinə də iqdam olunsa, hər halda bu, Portuqaliyanın öz düşməni olan Qastiliya qarşısında tam acizliyinə səbəb olacaqdır. Dövlətin şövkəti ölkənin ərazi genişliyi ilə deyil, padşahın ədalət və cavan-mərdliyi ilə tə’yin olunur. Əgər Portuqaliya dövləti öz imkanlarını nəzərə almayıb dəniz səfərinə iqdam edərsə, şübhəsiz, səhv etmiş olar. Allaha şükür, bizim padşahın qarşısında böyük işlər vardır ki, o, bunları sona çatdırmaqla yaxşı ad və yüksək şöhrət tapacaqdır. Daha xam xəyalın nəticəsi olan dəniz səfərləri ilə öz rəiyyətlərini əziyyətə salmaq nəyə lazımdır? Əgər Portuqaliya padşahı şücaət meydanında şöhrət kosunu qapmaq istəyirsə, gərək... * * * Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin! İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır. Mən köhnə islam xəttini dəyişdirmək barədə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyi ünvanına yazıb, cilidlədib, sizin nəvvab-müstətabhəzrət-əşrəfinizə ixlasımı bildirən ərizəmlə göndərməyə hazırlaşdığım zaman Parisdəki dostlarımdan biri tərəfindən göndərilmiş Süavi əfəndinin qəzetinin keçən il çap olunmuş bir nömrəsini aldım. Qanım qaraldı. Rahatlığım yenə də zəhmətə çevrildi. Məcbur oldum ki, yenə də qələmi əlimə alıb, bu evi yıxılmış osmanlının fikri və əqidəsi barədə tənqid yazım və onu ikinci ərizəmlə bərabər zərfin içində nəvvab-müstətab-həzrəti-əşrəfinizə göndərim. Köhnə islam yazısı üslubunu dəyişdirib, islah etmək üçün mə’ruzəmdə qələmə aldığım dəlillərdən sonra Süavi əfəndinin qəzetini görməyə lüzum qalmırdısa da, bir məsələni sübut üçün qəzeti sizə göndərməyi də vacib bildim. Bununla sübut olunur ki, xətti-əlifbanı dəyişmək məsələsi kiçik məsələ deyil. Qoy hamı bilsin ki, bu gün bu məsələ hər yerdə, hər guşədə dillərdə gəzməkdədir. Xalqını, millətini və vətənini sevib dost tutanların hamısının gözü, millət başçılarından bu xüsusda görəcəkləri qərar və tədbirin intizarındadır. Nəvvab-müstətab-əşrəfiniz yüksək Qacar sülaləsinə mənsub olub, fəzilət və mə’rifət cəhətdən özünüz kimilərdən və məqamca sizə yaxın olanlardan seçildiyinizə görə, yəqinimdir ki, türk dilini necə ki, lazımdır, bilirsiniz. Lakin onu da düşündüm ki, Tehranın alim adamlarından bə’ziləri əslən fars olduqlarına görə ola bilsin ki, türkcə qəzeti oxuyub anlamaqda acizlik çəkərlər. Ona görə də həmin qəzeti farscaya tərcümə edib, əsli ilə bərabər göndərirəm. Süavi əfəndi islam əlifbasını islah etmək üçün dörd növ yol göstərir: Birinci qisim – Mənim keçmiş layihəmə işarə edir ki, bu layihə onun əlində vardır. İkinci qisim – Melkum xanın yeni layihəsinə işarə edir ki, bu da onun əlində var. Üçüncü qisim – Yenə də Melkum xanın yeni layihəsinə, ancaq saitləri ona daxil etmək şərti ilə işarə edir. Dördüncü qisim – Süavi əfəndinin öz əqidəsidir ki, onu şərh edir və üstün tutur. Fəzilət və mə’rifət sahiblərinin nəzərinə təqdim olunan mənim tənqidim məhz bu dördüncü qisim haqqında olacaqdır. Süavi əfəndi cənabları öz izahatının ikinci maddəsində e’tiraf edir ki, yazımızın islahı ən vacib məsələlərdən biridir. Bu məsələni kiçik məsələ saymaq olmaz, çünki yazının islahı xalqımızın elm və sənaye cəhətdən inkişafına səbəb olacaqdır. O, qəzetinin başqa bir yerində qeyd edir ki, Avropa əhalisi yazı üsullarının əlverişli olması sayəsində elmləri öyrənmək işində böyük tərəqqi əldə edib, həmişə bizdən irəliyə düşmüş və üstünlük qazanmışdır. Biz isə əlifbamızın nöqsanlı olması üzündən hal-hazırda malik olduğumuz biliklərdən başqa öz mə’rifət və tərbiyəmizə heç bir şey əlavə edə bilməmişik və ona görə də geridə qalmışıq. O yenə də yazır: “Müsəlman uşaqları 3-4 il məktəbə ayaq döydükdən sonra yenə də öz dillərində qəzet oxuya bilmirlər. Lakin Avropa əhlinin uşaqları, əlifbalarının əlverişli olması sayəsində bir neçə həftə dərs alandan sonra öz dillərində çap olunan qəzetləri oxuya bilirlər. Demək, aydın oldu ki, əlifbamızın qüsurlu olması bizim elmlərdən və sənayedən məhrum qalmağımıza səbəb olmuşdur. Habelə aydın oldu ki, Avropa əhli öz əlifbalarının əlverişli olması sayəsində elmdə, sənayedə çox böyük tərəqqi edib, həmişə bizdən irəlidə gedərək hər cəhətdən üstün olmuşdur. Bu da aydın oldu ki, onların uşaqları bir neçə həftə ərzində öz əlifbalarını öyrəndikdən sonra ana dilində qəzet oxumağı bacarırlar; lakin bizim uşaqlarımız bizim əlifba ilə 3-4 il oxuduqdan sonra bunu bacarmırlar. Siz, Süavi əfəndinin bu e’tirafını unutmayın ki, mən başqa bir məsələnin izahına başlayım və görüm bu osmanlını necə qane edəcəyəm. İndi görək, elm sahəsində tərəqqimizi tə’min üçün bizim qarşımızda qüsurlu əlifbamızdan başqa yenə də maneələr varmı? Bəli, başqa maneələr də vardır. Əvvəlcə bu maneələri qeyd edim. İran və Rum ölkələrində yaşayan və islam dinində olan biz yazıqların dili fars və türk dilləridir. Ərəblər bizə qələbə çaldıqdan sonra dinlərini bizə qəbul etdirdikləri kimi, dillərini də bizim dilimizə qatmışlar və bizi məcbur etmişlər ki, öz dilimizdə yazılan kitabları oxuyub başa düşmək üçün ərəb dili və onun qaydalarını da bilək. Buna görə də biz məcburuq ki, farsca yazılmış əsərləri anlamaq üçün iki dil və türkcə yazılmış əsərləri başa düşmək üçün üç dil öyrənmiş olaq. Bir halda ki, fransızlar, ingilislər və yunanlar təkcə öz dillərini öyrənməklə, onların dilində yazılmış bütün əsərləri oxumağa və öyrənməyə qadir olurlar. Digər tərəfdən, ərəb dilini öyrənməyin bu dilin əhli olmayan bizlər üçün əlifba nöqsanlarından əlavə, başqa xüsusi çətinlikləri də vardır ki, ərəblərin sayəsində qiyamətin gününə qədər bu çətinlikdən xilas olmayacağıq və əlacsızlığımızdan bu çətinlikdən xilas olmaqdan belə gözümüzü həmişəlik çəkmişik. Bu çətinlik isə ərəb hərflərinin xüsusi imlasından ibarətdir. Məsələn, Sin (Sad) səsləri; (Zal) (Zad) səsləri; həmzə və (ayn) səsləri; (ha) ( h a) səsləri; (Ta) (Ta) səsləridir ki, bizim ləhcəmizdə biri digəri ilə eyniləşir. Ona görə də, bizim uşaqlarımız bu hərflərin ərəb dilinə məxsus imlasını yadda saxlamaq üçün nə qədər böyük zəhmət çəkməlidirlər. Bu çətinliyi aradan qaldırmaq bizim üçün mümkün olmasa da, yazı üsulunu dəyişdirmək mümkündür. Ona görə də, görək, bizim yazımızın çətinliyi nədən ibarətdir? Birinci – bizim yazımız sağdan-sola yazılır. Bu cür yazı qaydası soldan-sağa yazılan yazı qaydasından xeyli çətindir. İkinci – bizim hərflərin çoxu nöqtəlidir. Belə bir vəziyyət isə yazının gec yazılmasına və oxuyarkən ən şiddətli çətinliyə səbəb olur. Üçüncü – -dən başqa, səsli hərflər, yə’ni saitlər yazıda samit hərflər sırasına daxil olmurlar. Onların tələffüzdə tələb olunan bir çoxu isə, məsələn, fəthə, zəmmə, kəsrə, fəthə ilə kəsrə arasında olan bir səs (E) və (Ö) hərfinin iki cür oxunması, öldü və oldu kəlmələrində hədsdən asılı olurlar. Dördüncü – həds ilə oxunan bu saitlərdən başqa, üç hərf daha, yə’ni: ün, in və ən vardır ki, onlar “rəf’li tənvin”, “nəsbli tənvin” və “cərrli tənvin” adlanır və ərəb adlarının axırında həds ilə oxunur. Beşinci – bu saitlərdən başqa bizim mədd, təşdid, cəzm və vəqf əlamətlərimiz də olmalıdır. Altıncı – bizim hərflərimizdən hər birinin dörd cür şəkli vardır. Şəkillər hərfin tutacağı yerin tələbinə görə anbaan dəyişilir. Lakin fransız və ingilis hərflərinin hər biri vahid bir şəklə malikdir ki, hər yerdə o cür yazılır. Yeddinci – nuni-səğir türk dilində ərəbi kafa və əcəmi kafa, bu kafların hər ikisi isə, fars və türk dillərində bir-birilə eyniləşir. Qeyd edildiyi kimi, yazının bu qədər çətinliyi üzündən biz Qur’anı düzgün oxumaq üçün əlacsızıq ki, fəthəni, zəmməni, məddi, təşdidi, cəzm və vəfq əlamətini hərflərin üstündə yazıb, kəsrəni isə hərflərin altına qoyaq. Rəf’li, nəsbli, cərrli, tənvinləri bildirmək üçün hərflərin üstündə qoşa zəmmə, qoşa fəthə yazıb, hərflərin altına isə qoşa kəsrə qoyaq. Bununla belə, bizim uşaqlarımız bir il ərzində və əksər hallarda iki il ərzində Qur’anı oxuyub qurtara bilmirlər. İndi isə Süavi əfəndi istəyir ki, biz uşaqlarımızı oxutmaq üçün “Gülüstan”, “Bustan”, Hafizin divanı və başqa dərs kitablarını da Qur’an kimi fəthə, kəsrə, zəmmə, tənvinlər, mədd, təşdid, cəzm və vəqf əlamətləri ilə yazaq və əlifbamızda olmayan bə’zi saitləri bildirmək üçün hətta hərflərin üstünə 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də qoyaq. Necə ki, yəhudilər öz uşaqlarını bu qayda ilə oxudurlar, biz də yəhudiləri təqlid edib, uşaqlarımızı bu cür oxudaq və elə ki, uşaqlarımız təhsildə başlanğıc pillədən son pilləyə ayaq qoydular, o zaman fəthə, zəmmə, kəsrə, tənvin və sair işarələri onun gözü önündən qaldıraq, yenidən saitsiz, hərəkəsiz və işarəsiz yazını oxumağa mübtəla edək. Çox yaxşı, biz Süavi əfəndinin bu cür təklif və məsləhətini məmnuniyyətlə qəbul edirik, ancaq bu şərt ilə ki, o da bizim uşaqlarımızın onun göstərdiyi yazı qaydaları üzrə bir neçə həftə dərs keçdikdən sonra Avropa əhlinin uşaqları kimi öz dilimizdə qəzet oxumasına zamin olsun. Çünki bizim yeganə məqsədimiz belə bir yol tapmaq idi ki, elmləri öyrənmək sahəsində Avropa xalqlarından geridə qalmayaq. Allaha çox şükür olsun ki, bunun üçün çarə tapıldı. Süavi əfəndiyə tam minnətdarıq ki, o, bu yolu bizə nişan verdi. Bundan yaxşı daha nə ola bilər? Avropa əhlinin uşaqları əlifbanın asanlığı sayəsində bir neçə həftə dərs keçdikdən sonra öz qəzetlərini oxuya bilirlər, biz də istəyirik ki, bizim uşaqlarımız da bir neçə həftə məktəbə getdikdən sonra bizim qəzetləri oxuya bilsinlər. Xa... xa... xa!.. Süavi əfəndi qaçır. O, bizimlə belə bir şərt bağlamır, belə bir zəmanəti vermək istəmir. Mən isə onun yaxasından əl çəkən deyiləm. – Xeyr ha, Mirzə Fətəli, sən nə üçün Süavi əfəndinin yaxasından bir qədər möhkəm yapışmısan? O, kamil adamdır, özü çox yaxşı qanır ki, bu iş baş tutası deyildir. O, belə bir şərtə necə girişsin və belə bir zəmanəti necə versin? Süavi əfəndinin məsləhət gördüyü əlifbadakı bütün o saitlər, hərəkələr, əlamətlər, işarələrlə çətin, çox çətin ki, bizim uşaqlar bir neçə həftə dərs oxuduqdan sonra qəzet oxuya bilələr. Məgər Süavi əfəndinin özü bunu bilmir ki, bu yazı ilə dərs keçilərsə, bizim uşaqlarımız bir neçə həftədən sonra deyil, bəlkə də beş il oxuduqdan sonra belə, hərəkələri və işarələri gördükdə “Sütünavəndə”ni tələffüzə gətirə bilməyəcəklər. Ərəbcə olan bu beyti də düzgün oxuya bilməyəcəklər: və bu dörd kəlməni: düzgün tələffüz edə bilməyəcəklər. Yazıq uşaqlarımızın heç bir təqsiri yoxdur. Onlar nə bilsinlər ki, ay Mirzə Fətəli, sən (həza) yazıb (haza) oxuyursan; (fəti) yazıb (fəta) oxuyursan. Əhmədin hərəkələri isə lap böyük müsibətdir. Ərəblərin evi yıxılsın! Ərəb dilini öyrənmək, o dildə danışan xalq olmadığımıza görə, başımıza böyük bir bəladır. Uşaqlar doqquz cəhəti yadda saxlamalıdırlar və oxuduqları zaman hər ismə təsadüf etdikdə xəyallarından keçirib bilməlidirlər ki, o doqquz cəhətdən ikisi həmin adda mövcuddurmu, ya yox? Əgər mövcuddursa, isim hallanmayandır, əgər mövcud deyilsə, demək isim hallanandır. Əgər bunda qəflət etməsələr də, hər halda həmin ismin hərəkə və saitlərini oxuduqda mütləq səhvə yol verəcəklər. İndi, de görək bizlərdən hansımız, taza oxumağa başlayarkən bir neçə həftədən sonra o dərəcəyə çata bilərik ki, isimlərin hallananları ilə hallanmayanlarını bir-birindən seçib fərqləndirməyi bacaraq? Məgər, dərd birdir ki, onun dərmanını tapa bilək! Bu məsələ Süavi əfəndinin özünə tamamilə aydındır və bu barədə o, əsla mübahisəyə girişə bilmir. Demək, yazıq, düşünmədən bir söz demişdir; daha bunun üçün onu bu qədər sıxışdırmağa dəyməz. Çox yaxşı! Mən Mirzə Fətəli, bu şərt və zəmanət təklifindən vaz keçirəm. Ancaq Süavi əfəndi cənablarından xahiş edirəm ki, savadlanma məsələsində son həddi və dərəcəni tə’yin etsin. Yə’ni o desin görək, bir uşaq nə halda, nə məqamda savadlanmışlar dərəcəsinə çata bilər ki, biz həmin məqamda sait və hərəkələri onun gözü önündən götürək?! Mən öz əqidəmcə bizlərdən heç birimizin bu məqama çatdığını zənn etmirəm. Bizim əlifbamız o qədər çətindir ki, əgər biz öz ana dilimizdə savadlanmanın başlanğıc dərəcəsindən son dərəcəsinə birtəhər çata bilsək də, ərəb dilində, çox kamil olan bə’zi alimlərimizdən başqa heç birimiz özümüzü kamil savadlı hesab edə bilmərik. Hətta, bu kamil alimlərin özləri də belə, bu dildə səhv və xətalara yol verməkdən tamamilə tə’min deyildirlər. Çünki ərəb dilində Cövhəridən kamil savadlı olmaq heç kəsə mümkün deyildir. “Qamus” müəllifi Məhəmməd Firuzabadi öz kitabında həmişə yazır ki: “Əl-Cövhərinin səhvi” və “Əl-Cövhərinin səhvi iki haldan xali deyildir. Ya Cövhəri kəlmənin hərəkələrində səhvə yol vermişdir, ya da ki, Firuzabadi özü səhv edir. “Qamus”un farsca mütərcimi də Firuzabadiyə iradlar tutur. Mən isə bilmirəm ki, haqq bunlardan hansının tərəfindədir. Hər halda bunun o qədər də əhəmiyyəti yoxdur. Cövhəri də, Firuzabadi də kamil savadlı adamlardır. Onların ərəb dilindəki biliklərinin üçdə biri, dörddə biri belə, bizim hər hansımızda olsaydı, tamamilə kifayət idi. Lakin sözüm ondadır ki, Süavi əfəndinin göstərdiyi yol ilə getsək, bizim uşaqlarımız 15 il, hətta 20 ildən sonra belə kamil savadlılar dərəcəsinə çata bilməzlər. Əgər biz hərəkələri və işarələri onların gözü önündən qaldırıb, onları hərəkəsiz, işarəsiz yazı oxumağa məcbur etsək, görəcəyik ki, həmin əvvəlki korlardır. Onlar yenə də uzun müddət bu “çılpaq” yazılar üzərində zəhmət sərf etməlidirlər ki, onları da oxumağa adət edə bilsinlər. Yazı üsulunda islahat aparmaqdan əsas məqsədimiz bundan ibarət idi ki, oxumağı öyrənmək üçün lazım olan uzun müddət qısa müddətlə əvəz olunsun. Əlifbanın çətinliyi nəticəsində ömrümüz nəfis elmləri öyrənmədən əvvəl, kəlmələrin və cüz’i şeylərin üstündə zay olmasın. Süavi əfəndinin təklif etdiyi üsul islahat deyil, əksinə bir çətinliyin üzərinə digər bir çətinliyi əlavə etməkdir. İndi təsəvvür ediniz, tutaq ki, mən farsca və ya türkcə və ya ərəbcə bir kitab yazmışam və ya bir kitabı çap edirəm; hərflərin üstünü və altını saysız və hesabsız nöqtələrlə doldururam, fəthə, zəmmə və kəsrə düzürəm, mədd, təşdid, cəzm, vəqf əlamətləri yığıram və üç cür tənvin də yazıram və bunlardan əlavə, 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də yazıram. Mənim bu kitabım sizin gözünüzdə nəyə oxşayacaqdır? Dağ çapmaq belə bir kitabı oxumaqdan, yazmaqdan və çap etdirməkdən daha asandır. Bu, məgər islahatdır? Bu, məgər asanlaşdırmaq vasitəsidir? Ramazandan çox razıydıqmı ki, Şəvvaldan da altı gün alıb ona qatırıq? Nöqtələrdən, fəthədən, zəmmədən, kəsrədən, tənvindən və sair işarələrdən çox razıydıqmı ki, indi də həndəsi rəqəmlərdən onlara yeni işarələr əlavə edirik? Özü də ki, yəhudiləri təqlid yolu ilə! Biz artıq təqliddən təngə gəlmişik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmişik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq. Bir məsələdə yəhudilərə təqlid etdik və “Biz Adəm övladına kəramət göstərdik. Onları səhrada və dənizdə gəzdirdik, onlara pak maddələrdən ruzi verdik, onları üstün yaratdıqlarımızın çoxundan üstün tutduq” kimi hörmətli ayənin ziddinə olaraq, bütün yer üzü xalqlarını murdar və natəmiz hesab edib, onlardan uzaqlaşmağı lazım bildik və bunun nəticəsini də gördük. Başqa xalqlarla qaynayıb-qarışmadığımıza görə, bu günə qədər elmləri və sənətləri öyrənməkdən məhrum olduq. Daha bəsdir, bundan belə artıq yəhudilərə təqlid etməyəcəyik. Onların təqlidi elmi bada verdi, “Bu təqlidə iki yüz lə’nət olsun!” Bizim cəhalətimizin babası ictihad olmuş, Ey hüşyar insan, ictihaddan qaç! Əxbarilərə xitab: Dünyada qopan bu qədər qovğa və üsyan, Bütün təbrizlilərin ixtilafı, Həm təqliddəndir, həm ictihaddan, Sinəmizi açaraq hər ikisindən aman istəyirik. Təqlid üçün bizə eyb olsun, Xüsusilə də ki, yəhudinin təqlidindən! Əgər yəhudilərin tə’lim-tərbiyə üsulu tərəqqi və inkişafa səbəb olsaydı, bəs nə üçün onların özləri bu günə qədər ən dəhşətli cəhalət və korluq girdabında qalmışlar. Müxtəlif bilikləri öyrənmək üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mə’nanı verən saysız-hesabsız sözlər alaq və öz dilimizdə işlədək; çünki bu kimi sözlərin qarşılığı bəhs edilən üç dilimizdən heç birində yoxdur. Bundan başqa bə’zi yerlərin, ölkələrin və şəhərlərin adını, şöhrətini bildirən sözlər də bizim indiki əlifba ilə əsla düzgün yazılıb oxuna bilməz. Əgər bu kimi sözləri bütün kitablarımızda və əsərlərimizdə fəthə, zəmmə, kəsrə və başqa əlamət və işarələrlə qeyd etsək, yenə də düzgün oxunmayacaq, əgər onlarsız yazsaq, vəziyyət daha pis olacaqdır. Osmanlı Cəmiyyəti-elmiyyəsi bizim hazırkı yazı qaydalarımızın çətinliyindən daima şikayət edir. Bu çətinliyin əsas səbəbi hərflərimizin bir neçə şəkildə yazılması, onların kəlmə tərkibində bitişikliyi və fəthə, zəmmə, kəsrə, tənvin və başqa işarələrin mövcud olmasındadır. İndi isə, əgər Süavi əfəndinin məsləhəti ilə yazımıza bir sıra yeni işarə və əlamətlər də artırsaq, qoz üstə qoz olar və Osmanlı Cəmiyyətielmiyyəsinin fəryadı göylərə yüksələr. Əlbəttə, azacıq dəyişiklik olmadan yazı qaydalarını islah etmək mümkün deyildir. O ki mənəm, mən özümün hər iki layihəmdə sabiq hərflərimizin tərkibini atmamışam, ancaq nöqtələri atmışam və hərəkələri bildirən bə’zi şəkilləri də əlifbaya əlavə etmişəm ki, onların da heç birisi gözümüzə qəribə gəlməz. Məsələn: şikəstə xətti üsulunda (Ra) hərflərini əvəz edən işarəsini fəthə qəbul etmişəm. Elə bil ki, yazırsan: Bu şəkli kəsrə tə’yin etmişəm ki, əslində lam ilə əlifin birləşməsindən əmələ gəlir. Necə ki, yazıram Habelə, bu şəkli, ya da bu zəmmə təklif edirəm ki, bu da əlifə və ya mimə çox oxşayır. Mədd şəklində də qəribəliyin olmadığı çox aydındır. Hanı burada elə bir külli dəyişiklik ki, yeni qaydaya adət edənləri köhnə kitab oxumaqdan məhrum edə bilsin? Biz, hazırkı əsrdə belə, kufi xəttini oxuya bilirik. Çünki kufi xəttin əlifbası əlimizdə vardır. Bəs necə ola bilər ki, biz yeni qaydaya adət etdikdən sonra öz köhnə kitablarımızı oxumaqdan aciz qalaq? Ancaq bu qədər var ki, biz onları, yavaş-yavaş, tədricən yeni qaydada olan əlifbaya köçürəcəyik. Onları köçürmək isə işsiz alimlərimiz üçün pakizə bir iş olacaq və elmlərin sahəsində böyük bir hərəkat başlanacaqdır ki, mən onun vəsfindən acizəm. Çoxlu mətbəələr təşkil olunacaq, xalqın yoxsul və miskin kütlələrinin əli duz-çörəyə çatacaqdır. Yeni-yeni əsərlər meydana gələcək, tamamilə yeni bir aləm qurulacaqdır. Amma Melkum xan əlifbada əsaslı dəyişiklik aparmağı məsləhət bilir. O da Osmanlı Cəmiyyəti-elmiyyəsinin fikrinə şərik olub, çap işini asanlaşdırmaq məqsədini izləyir. Mənim fikrimcə, bu böyük işdə Melkum xanın nəzəriyyəsi də əsassız deyil. Köhnə kitablarımızı saxlamaq xatirinə bütün xalqı cəhalət və korluq məhbəsində saxlamaqdansa, keçmiş yazı qaydalarımızı kökündən dəyişmək daha yaxşı olardı. Süavi əfəndi deyir: “Mən qızdırma-titrətmə naxoşluğuna tutulmuşam. Məni müalicə edin, yə’ni əlifbanı islah edin”. Mən deyirəm: “Yeməyini azalt, xinin ye! (Yə’ni nöqtələri at, hərəkələri hərflərin sırasına daxil et”). Melkum xan isə deyir: “Havanı dəyiş! Arandan yaylağa köç! (Yə’ni əlifbanın keçmiş şəkillərindən əl çək və yazının hərflərini avropalıların hərfləri kimi zərif və bitişməz yaz!”). Süavi əfəndi isə deyir: “Mən, nə yeməyimi azaldıram, nə xinin yeyirəm, nə də havamı dəyişirəm. Bütün yer üzünün xalqları da mənim kimi qızdırma-titrətmə naxoşluğuna mübtəladır (yə’ni onların da əlifbası qüsursuz deyildir). Qoy onlar da yeməklərini azaltsınlar, xinin yesinlər və havalarını dəyişsinlər (yə’ni gərək onlar da öz əlifbalarını dəyişdirsinlər). O zaman mən də sizin sözünüzə qulaq asaram. Yoxsa, yox!.. Əgər siz mənim xeyirxahımsınızsa, məni dua ilə müalicə edin (yə’ni keçmiş yazı qaydalarını dəyişdirmədən, onda islahat əmələ gətirin!”). Süavi əfəndi! Mən bu yerdə artıq özümü saxlaya bilmirəm və güzəştə getməyə də əsla meylim yoxdur. Sən öz qəzetində e’tiraf etmisən ki, Avropa əhalisi əlifbalarının əlverişli olması sayəsində elm və sənaye sahəsində xeyli tərəqqi edib, bizdən irəli düşərək, böyük üstünlük əldə etmişlər. İndi necə deyə bilərsən ki, gərək onlar da öz əlifbalarını dəyişdirsinlər? Bir halda ki, onların əlifbası xalqın tərəqqisinə mane olmur, nə üçün gərək onu dəyişdirsinlər? Görünür, onların yazısında olan qüsurlar bizimkində olduğu qədər böyük deyildir. Əks təqdirdə, onların uşaqları da bir neçə həftəlik tə’limdən sonra öz qəzetlərini oxumağa qadir olmazdılar. Aydındır ki, onların əlifbasının nöqsanı az, bizim əlifbanın nöqsanı isə çoxdur. Əgər sən desən ki, onların əlifbası əlamətlərin və işarələrin vasitəsi ilə islah olunub, mükəmməlləşdirilmişdir, bəs onda sən nə üçün mənim istədiyim zəmanəti vermirsən ki, biz də sənin dediyin kimi əlamət və işarələri əlifbamıza daxil edib, onlar kimi olaq? İndi cavabımı ver! Aydındır ki, cavab tapmırsan. Çox gözəl, elə mən də bunu istəyirdim. Belə isə bundan sonra sözünün dal-qabağını yaxşı düşün! Gör nə demişsən və nə deyəcəksən. Bəs necə, sən istəyirsən ki, mən və ya Melkum xan dua yazmaqla sənin xəstəliyinə əlac edək? Mən duası müstəcab olan adam deyiləm. Melkum xan da məndən betər. Xüsusilə ki, o, kafərdir. Mən o cür müalicəni edə bilmərəm. Mö’cüzə və kəşf-kəramət dövrü keçmişdir. Bu gün Allah bizə qarşı kəmiltifatdır. Artıq Cəbrayılını bizlərdən heç kəsin yanına göndərmir ki, onun ətəyindən tutub dərdimizi ona açıb söyləyək. Biz insanlardan heç kəsin duasını qəbul etmir. *Bir neçə gün bundan əvvəl nadir bir hadisə olaraq, Allah mələklərindən iki-üç nəfərini Həkimül-məmalikin yanına göndərmişdir. Həkimül-məmalikin qabiliyyətsizliyi üzündən onların gəlməsi də nəticəsiz qaldı. Yə’ni vücudunda taqət yox idi, ona görə də tab gətirmədi. Burnundan, qulaqlarından qan açıldı, təngnəfəs oldu, məqsədə çata bilmədi, yarı yoldan qayıtdı. Bu gün biz hamımız başlı-başına buraxılmışıq. Bizim yaxşımız da, pisimiz də tamamilə öz qabiliyyətimizin öhdəsinə atılmışdır. İndi hər bir naxoşluq təbiət qanunlarına müvafiq olaraq müalicə edilir və hər cür islahat təbii vəziyyətdə tətbiq oluna bilər. Fransız və ingilis əlifbasından bizim də az-çox xəbərimiz vardır. Onların əlifbasındakı qüsurlar bizim əlifbamızda olan qüsurlar qədər çox deyildir... Yəqin bil ki, əgər onların əlifbası da bu dərəcədə qüsurlu olsaydı, onlar da elmləri öyrənmək sahəsində bizim kimi aciz qalardılar; onların uşaqları da 3-4 il təhsil aldıqdan sonra öz əlifbaları ilə yazılmış qəzetlərini oxuya bilməzdilər və özləri də əlifbanı dəyişdirmək təşəbbüsündə olardılar. Yə’ni onların naxoşluğu da səninki qədər şiddətli olsaydı, müalicə olunmaq üçün şübhəsiz ki, xörəklərini azaldar, xinin yeyər və havalarını dəyişdirərdilər. Elə isə, əsassız təklif etmə! Bə’zi dəyişikliklər olmadan əlifbada islahat aparmaq mümkün deyil, vəssəlam! İslam əlifbasında heç nəyi dəyişmədən islahat aparmağı istəyən Süavi əfəndinin əqidəsinə qarşı Mirzə Fətəlinin tənqidi bitdi. *Nəvvabi-müstətabi-əşrəfi-valadan xahiş edirəm Tehran qəzetinin mühərririnə tapşırasınız ki, bu yazı üsulunu dəyişmək məsələsini qəzetin bə’zi nömrələrində məşvərət orqanının rə’yinə müvafiq olaraq yazıb, ölkənin hər tərəfində yaysın ki, bəlkə ətrafdan və xaricdən də fikir sahibləri öz əqidələrini bu barədə yazıb Tehrana göndərsinlər. Bizim həmməzhəbimiz olan bilik və kamal sahibləri bu günə qədər xalqın axirət dünyası mənafeyi barədə nə yazmışlarsa, kifayət edər. Qoy bundan belə öz fikirlərini xalqın dünyəvi mənafeyi uğrunda sərf etsinlər və xacə Hafizin bu beytini bir daha təsdiq etsinlər: “Mədrəsənin qiylü qalından ürəyim təngə gəldi. Qoy bir müddət də mə’şuqə və meyə xidmət edim”. Sentyabr ayı, 1868-ci il, Tiflis Sizə ixlası olan Mirzə Fətəli Axundzadə * * * Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun! Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin. Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam. “Kəmalüddövlə”nin nüsxəsini, və’d etdiyim kimi, sizin mehriban qardaşınız sərhəng Məhəmmədağa vasitəsilə sizə göndərirəm və cəlal sahibi olan cənabınızdan bir neçə xahiş edirəm: Birincisi – bu kitabı mə’rifət, insaniyyət və əminliyinə möhkəm e’tibarınız olan adamlardan başqa heç kəsə oxumayın və göstərməyin! İkincisi – özünüzün inandığınız şəxslərdən başqa heç kəsə bu əsərin üzünü köçürmək icazəsini verməyin! Üçüncüsü – əsəri yazanın adını ancaq sirr saxlayan mö’təbər adamlardan başqa heç kəsə deməyin! Dördüncüsü – sirr verməyə layiq bildiyiniz və eyni zamanda elm sahəsində mö’təbər hesab etdiyiniz adamlara “Kəmalüddövlə”nin bütün məsələlərinə, bacarsalar, tənqid yazmağı təklif ediniz! Onlara deyiniz ki, “Kəmalüddövlə”nin məqsədi də bu əsərə tənqid yazmaqdır. Lakin onların tənqidlərində gətirdikləri dəlillər hədislərə və ehkama əsaslanarsa, qəbul edilməyəcəkdir və onlara heç bir əhəmiyyət verilməyəcəkdir. Adı sizə mə’lum olan bu əsərin müəllifi bir çox başqa əsərlərin də müəllifi hesab edilir. “Kəmalüddövlə”ni yazmaqdan onun heç bir şəxsi-qərəzi, Allaha pənah, yoxdur. Çünki o, İrana və islam xalqlarına əsla ədavət bəsləmir. Hal-hazırda Avropa və Yengi Dünyada da belə bir mübahisə meydana atılmışdır. Onlar, puç əqidələrin ölkə və xalqın səadətinəmi, yoxsa məmləkətin və xalqın bədbəxtliyinəmi səbəb olduğunu axtarırlar. O ölkələrin filosoflarının böyük bir hissəsi belə bir əqidədədirlər ki, puç dini əqidələr ölkənin və xalqın fəlakətinə və bədbəxtliyinə səbəb olur. Hətta onların ən məşhurlarından olan və son zamanlarda yaşayan ingilis filosofu Boklun dünyada şöhrət qazanıb hamı tərəfindən qəbul edilmiş əsərlərində bu əqidə başqalarının əsərlərindəkindən daha dərin qoyulmuşdur. Bokl öz iddialarını sübut üçün göstərir ki, puç əqidələrin, keşişlərin və əfsanə söyləyən papanın ardınca gedən İspaniya (yə’ni Əndəlis), Şvetsiya və İtaliya xalqları müasir elmləri və sənətləri öyrənmək sahəsində gündən-günə geridə qalırlar. Halbuki, bu puç əqidələrin zəncirindən xilas olaraq, ağıl və hikməti rəhbər qəbul edən İngiltərə, Fransa və Yengi Dünya xalqları elm və sənaye sahəsində gündən-günə, saatdan-saata irəliləyirlər. Bu ölkələrdə tərəqqi edən elmin nəticəsində böyük ixtiralar və yeniliklər meydana çıxmışdır. Elm bəşəriyyətin asudəçiliyinə və səadətinə səbəb olmuşdur. Avropa xalqları isə elm və maarif sahəsində böyük tərəqqilərə nail olmuşlar. “Kəmalüddövlə”nin müəllifi də Avropa filosoflarının əqidəsində olan bu adamdır. Yə’ni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar. O, bu məqsədə çatmaq üçün öz imkanları daxilində bir neçə vasitəyə əl atmışdır. O vasitələrdən biri də köhnə əlifbanı dəyişdirmək əqidəsidir. O istəyir ki, onun xalqının qəlbində də qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslərinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan qaldırılmasını arzu edir. O, xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O bilir ki, dini əqidələrin əsası yıxılmayınca onun bu arzuları yerinə yetməyəcəkdir. Çünki, dini əqidələr insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur. Buna görə də öz mə’lumatı dairəsində əqidələrini qələmə almışdır. “Kəmalüddövlə”nin yazılmasının yeganə tələbi budur! Bundan başqa səbəb təsəvvür edilə bilməz! Əgər bu əsərdəki məsələlər bə’zi adamların nəzərində ölkənin və xalqın zərərinə səbəb olan görünərsə, onu olmamış kimi düşünə bilərlər. Çünki əsər hələ çap edilməmiş və yayılmamışdır, bundan sonra da onu çap etdirmək fikrində olan yoxdur. Avam camaatı aldadan şarlatanlar xalqın mə’lumatının və uzaqgörənliyinin olmadığından istifadə edərək, hicrətdən bu günə qədər İran torpağında nə qədər fitnələr və qırğınlar törətmiş və bu ölkədə yaşayanların yurdunu xaraba qoymuşlar?! Biz yazıqlar nə vaxta qədər bu kimi qərəz sahibi və xudpəsənd adamların əlində oyuncaq aləti olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq və fırıldaqçı adamların hər bir mə’nasız sözü ilə özümüzdən çıxıb həyəcana düşürük. Necə ki, babilərin və onlar kimi başqa fırıldaqçıların puç sözləri ilə həyəcana düşdük. Hal-hazırda əgər Avropa ölkələrindən birində bir şəxs ortalığa atılıb özünün peyğəmbər, ya imam olduğunu iddia edərək, qədim dövrlərdə olan peyğəmbərlər və imamlar kimi xalqı öz dininə də’vət edib, mö’cüzə, kəramət və xariqələr göstərmək iddiasına düşərsə, camaat dərhal onu ya dəli hesab edib, müalicə üçün dəlixanaya göndərər, ya da ki, adamaldadan və şarlatan kimi yaxasından tutaraq, məhkəməyə cəlb edərlər. *Bu məsələləri cəlal sahibi olan cənabınız məndən daha yaxşı bilirsiniz və bu sözlərin haqq olduğunu təsdiq edirsiniz. Mənim deməyim yaxşı deyildir. Lakin qələmi ələ almışdım və bu sözlər ixtiyarsız olaraq fikrimə gəldi və yazmağa məcbur oldum. Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onu sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmün bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutar. Bu qövmün rəhbərləri nə qədər ki, sağ idilər, biz onların qılıncı qorxusundan onlara itaət etməyə məcbur olmuşduq. İndi də ki, ölüb torpağa çevrilmişlər, onların ölülərinə bəndəçilik etməyimizlə fəxr edirik; görünüz, biz nə dərəcədə axmaq və nə dərəcədə qanmaz adamlarıq. İndi mənim son dərəcə təlaşım və arzum budur ki, heç olmazsa, öz xalqımı o qövmdən bizə yadigar qalmış bu iyrənc və murdar əlifbanın bəlasından xilas edim; xalqımızı cəhalət qaranlığından elmin işıqlığına çıxarım və əgər bu arzuma nail olaramsa, nə böyük xoşbəxtlik olar və dünyadan muradına çatmış bir insan kimi gedərəm. Siz bu yerlərdən keçib getdikdən sonra qələmimdən qəribə və məzəli şeylər çıxmışdır. İnşallah, əgər sağlıq olarsa və yenə də sizin yolunuz bu yerlərdən düşərsə, sizin fərəhli görüşünüzdən feyz alarkən, onları hüzurunuzda özüm sizə oxuyacağam. Məktubu imzasız və tarixsiz göndərirəm. Sizə ixlası olan... Yeni miladi ildə ə’lahəzrət böyük imperator tərəfindən mənə polkovniklik dərəcəsi əta edilmişdir. Bu məktubun və göndərdiyim sənədlərin sizə çatması barədə mənə xəbər verməyinizi xahiş edirəm. 4 fevral 1869-cu il * * * Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim. Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvləri mənim yeni əlifba layihəmi nəzərdən keçirib, bəyanatımı insafla təsdiq edərək, köhnə yazı üsulunu dəyişdirməyin faydalı bir iş olduğunu e’tiraf etdilər və şəriət nöqteyi-nəzərindən də onu dəyişdirmək işinə heç bir maneə tapmadılar. Yalnız bir məsələdə çətinlik olduğunu qeyd etdilər ki, sözlərin tərkibində hərflərin bitişikliyi mənim əlifbamda da saxlanıldığına görə çap işində olan çətinliyi aradan qaldırmır. Onlar dedilər ki: “Bizim zəmanəmizdə çap işi millət üçün zəruri olan ən mühüm məsələlərdəndir. Əgər əlifbanı dəyişdirmək lazımsa, bu dəyişiklik elə icra edilməlidir ki, onun nəticəsində çap işinin asanlaşmasına da nail olaq”. Bu mülahizəyə görə də mənim düşündüyüm vəziyyətdə köhnə yazı üsulunu dəyişdirmək Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvlərinin xoşuna gəlmədi. Onlar xahiş etdilər ki, çap işinin asanlaşdırılması məqsədi ilə bizim sözlərimiz də bitişməyən hərflərdən tərtib olunsun, bütün nöqtələr atılsın və saitlərin hamısı samit hərflər sırasına daxil edilsin. Doğrudan da Osmanlı Cəmiyyəti-elmiyyəsindəki alimlərin fikri mə’nalı və ağlabatan idi. Ona görə ki, hərflərin biri digərinə bitişməsi üzündən, hər üç dildə, yə’ni ərəbcə, farsca və türkcə yazdığımız zaman əlifbamızdakı 32 samit hərfdən hər birisinin dörd şəkli olmalıdır: başda gələn şəkil, ortada gələn şəkil, axırda gələn şəkil və ayrıca yazılan şəkil. Necə ki, aşağıdakı sözlərin yazılışından aydın olur. Məsələn, istəyirik (əbd) yazaq. (ayn) hərfi bu sözün əvvəlindədir və bu şəklində yazılır. (bə’d) yazmaq istəyirik, həmin hərf ortadadır və bu şəklində yazılır; (cəm’) yazmaq istərkən yenə də həmin hərf bu dəfə sözün sonunda gəldiyi üçün şəklində yazılır. Nəhayət (icma) sözünü yazarkən həmin ayn hərfi ayrıca yazıldığına görə şəklində yazılır. Beləliklə, əlifbamızdakı 32 samit hərfi dördə vurduqca 128 olur. Doqquz sait hərfi, yə’ni hərəkələri də onlara əlavə etsək, 137 hərf olar. Belə olduqda, bizim mətbəələrin şrift qutularında 137 hərfin hər birindən külli miqdarda şirift olmalıdır ki, öz dilimizdə olan sözləri çap etməyin öhdəsindən gələ bilək. Hələ bundan əlavə, çap işində kəlmələr tərkibindəki hərflərin bitişik olması da xüsusi bir çətinlik törədir. Bu işin öhdəsindən gəlmək qeyri-mümkündür. Lakin əgər 137 hərf şəkli əvəzinə 42 hərf şəkli olarsa, bu işin asanlığı mə’lumdur. Məhz bu çətinliyin öhdəsindən gəlmək üçün bizə elə bir əlifba ixtira etmək lazım gəlir ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yə’ni, birinci – asan oxunmaq; ikinci – asan yazmaq; üçüncü – asan çap etmək. Ancaq belə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər. Mən İstanbuldan qayıtdığım tarixdə, ikinci uşağımın ölümü üzündən çox kədərli və pərişan idim. Fikrim tamamilə dağınıq idi. Ona görə də islam yazı üsulunun deyişdirilməsinə daha əhəmiyyət verməyib sakit oturmuşdum ki, bu yaxın zamanlarda əziz qardaşım Melkum xandan bir məktub aldım. Mən onunla İstanbulda görüşüb tanış olmuşam və köhnə islam əlifbasını dəyişdirmək işində onun özümlə həmfikir olduğunu görmüşdüm. O, bu məsələ haqqında bir müddət fikirləşmiş, nəhayət, köhnə əlifbanı dəyişdirmək işinə iqdam etmiş və öz yeni əlifbasını Parisdə çap etdirib, tanış olmaq üçün mənə göndərmişdir. Melkum xanın düşündüyü bitişməz hərflər gözəllik və yaraşıq cəhətdən misilsizdir. Doğrudan çap işini asanlaşdırmaqdan ötrü bu hərflərdən daha gözəl bir şey təsəvvür etmək olmaz. Lakin o, çap işini asanlaşdırmaq üçün hərflərin bitişməzliyini əsas məqsəd hesab edib, iki başqa məqsəddən, yə’ni oxumağın asanlığı və yazmağın asanlığı məsələsindən diqqətini yayındırmışdır. Yə’ni, bir tərəfdən yeni əlifbada da nöqtələri saxlamış, digər cəhətdən hərəkələr üçün yeni şəkillər tətbiq etməmişdir. Üçüncü isə, yazı işində hərflərin mütləq fasiləli yazılmasını üstün tutmuşdur. Nöqtələrin qaldığı halda yazının yavaş yazılması aydındır. Çünki nöqtələri qoymaq üçün qələm hər dəfə kağızın üzərindən götürülüb təzədən qoyulmalıdır ki, bu da yazının yavaş yazılmasına səbəb olur. Bütün saitlər samit hərflər sırasına daxil olmadıqda, oxumaq işində ən böyük çətinlik əmələ gəlir. Bəlkə də Melkum xan elə zənn edir ki, bizim köhnə əlifbanın çətinliyi ancaq hərflərin kəlmələr tərkibində bir-birilə bitişməsi üzündəndir və həmin fikirlə də kəlmələrin tərkibində hərflərin aralı və bitişik olmasını asanlaşdırmanın yeganə yolu hesab edir. Ancaq belə deyildir. Bizim köhnə yazının çətinliyi saitlərin sözlərin tərkibində gizlənməsindədir. Yə’ni saitlərin samit hərflər sırasına daxil olmamasındadır. Məsələn: (nəsr) sözünü alaq. Birinci – (nəsərə) əgər mə’na e’tibarilə qayib kişinin təklik halında keçmiş zaman fe’lidirsə; ikinci – (nüsirə) əgər məchul fe’ldirsə; üçüncü – (nəsrin) əgər məsdər siğəsində əlif və lamsız fail hesab olunursa; (nəsrün minəllahi – kömək Allahdandır) kimi; dördüncü – (nəsrin) əgər bu siğədə əlif və lamsız müzafün-ileyhdirsə (kəmərirtü bizi nəsrin – bir kömək sahibinin yanına getdim) kimi; beşinci – (nəsrən) əgər əlif və lamsız məsdər siğəsindədirsə, məf’ul hesab olunur (Kəs’əəltü nəsrən minəllahi – Allahdan kömək istədim) kimi. Bundan əlavə, bu şəkildə sözün sonundakı əlifə görə o, mə’lum, qayib, kişi cinsli iki şəxsin keçmiş fe’linin mə’nasını da verir. Altıncı – (nəsrü) əgər məsdər siğəsində izafə edilən faildir. (kəiza caə nəsrüllahi – o zaman ki, Allahın köməyi çatdı) ön qoşma qəbul etmiş kimi; yeddinci – (nəsri) əgər məsdər siğəsində daxildirsə, önlük və tə’yin hərfidir (kəfəztü min nəsrillahi – Allahın köməyilə qalib gəldim) kimi; səkkizinci – (nəsrə) əgər məsdər siğəsindədir (innə) (həqiqətən) isimdir (kəinnə nəsrəllahi liqəribün – həqiqətdə Allahın köməyi yaxındır) kimi; doqquzuncu – (nəsr) əgər cəm kəsrəlidirsə, ism-faildir. Onuncu – (nüssər) əgər bu siğədə sad təşdidlidirsə... və i.a. Bütün ərəb sözləri belədir*. Bir insan ömrü heç bir göstərici dəlil olmadan bütün bu variantları, yə’ni hərəkələrin hamısını əhatə etmək üçün çatışmaz. İnsanların əksəriyyəti ya hafizələrinin zəifliyi, ya da hövsələlərinin azlığı üzündən onları dərk edib yadda saxlamaq qüdrətinə və taqətinə malik olmur. Buna görə də uşaqlarımızın çoxu oxumaqdan təngə gəlib məktəbdən qaçırlar. E’rab (saitlər) kəlmələrin tərkibində əks edilmədiyindən ömrümüzün ən gözəl illərini, yə’ni cavanlığımızı sərf və nəhvi öyrənib təkmilləşdirmək üçün hədər etməyə məcburuq. Halbuki, bu cüz’i işi altı ay və ya bir ildə başa çatdırmaq olar. Buna görə də, yə’ni cavanlığımızı – ömrümüzün ən gözəl illərini boş yerə tələf etdiyimizdən ali və vacib bilikləri öyrənməkdən acizlik çəkir, onlardan məhrum qalırıq. Dönə-dönə belə hallar olmuşdur ki, mən istər Qafqazda, istərsə də başqa yerlərdə ən məşhur müsəlman alimlərini imtahan məqsədi ilə ərəbcə kitab oxumağa vadar etmişəm. Onlar nə qədər çalışmışlarsa da, yenə hər səhifədə beş-altı dəfə, bə’zən də on dəfə sözlərin oxunuşunda səhv buraxmışlar. Hələ indiyə qədər elə bir molla görməmişəm ki, şəriət məsələsi olan bu cümləni birinci dəfə oxuya bilsin: (Qənimət görən hər bir adam cərimə də çəkməlidir). Yə’ni vəfat etmiş bir adamın malından qənimət, yə’ni miras aparan hər bir şəxs, qəramət də verməlidir. Yə’ni ölən adamın borcunu ödəməlidir. Hətta sərf və nəhv qaydalarını bilmək, necə ki lazımdır, ibarələri düzgün oxumaq üçün kifayət etmir. Buna görə də biz Qur’ani-məcidi düzgün oxumaq üçün hərflərin üstünə və altına fəthə, kəsrə və zəmmə düzməyə məcbur oluruq. Bə’zi ə’yanlar və sərvət sahiblərindən başqa xalqın əksəriyyəti əlifbanın çətinliyi üzündən öz ana dillərində savad almaqdan belə məhrum qalır. Əgər əlifbamız asan olsaydı, sait hərflər samit hərflərin sırasında yazılsaydı, Qur’ani-məcidi oxumaq üçün təkcə bir ay kifayət edərdi. Yə’ni uşaqlar onun bir cüzvünü oxuyub bitirdikdən sonra Qur’ani-məcidi başdan-başa oxuya bilərdilər. Avropalıların uşaqları iki il oxuduqdan sonra onların istilahında matematika deyilən hesab elmində çətin məsələləri həll edirlər. Lakin bizim uşaqlar bu müddətdə hələ “vəlfəcri” höccələməklə məşğul olurlar. Yazıq qadınlarımız savaddan tamamilə məhrumdurlar. Əgər əlifba asan olsaydı, qadınların əksəriyyəti savadlanardı və bundan sonra öz həmcinslərinə müəllimlik edərdi. Avropa məktəblərinin çoxunda qadınlar qızların tə’lim və tərbiyəsilə məşğul olurlar. Bizim yazı üsulumuzdakı əsas çətinliyin səbəbi sait hərflərin samit hərflər sırasına daxil olmamasıdır və əsas məqsəd də onların kəlmələrin tərkibində yazılmasıdır. Çap işlərini asanlaşdırmaq üçün hərflərin aralı və bitişməz olması ikinci dərəcəli məqsəddir. Digər cəhətdən isə kəlmələrin tərkibində hərflərin mütləq aralı yazılması da yazı işi üçün böyük eyiblərdən sayılır. Məsələn, biz bunu bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilməsi onun sağdan-sola çəkilməsindən asandır. Kağız üzərinə səttarə qoyub, cədvəl çəkənlər bu fikrin doğru olduğunu təsdiq edə bilərlər. Buna görə də yazını sağdansola yazan biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik. Lakin nə etməliyik? Təqsir bizdə deyil, təqsir bizim babalarımızda və ulu babalarımızdadır ki, yazımızı sağdan-sola icad etmişlər. Biz isə özümüzü bu üsulu dəyişmək qüvvəsinə malik bilmirik. Sağdan-sola yazdığımız üçün bizə mütləq lazım gəlir ki, mürəkkəbimiz avropalıların işlətdiyi mürəkkəb kimi, su ki, axıcı olmasın. Buna görə də mürəkkəbimiz qatı və ipək tellərinə suvaşıq olmalıdır. Bunun nəticəsində də məcbur oluruq ki, yazı yazdığımız zaman tez-tez yazıdan əl çəkib məəttəl olaq, ipək tellərini qələmin yarığından təmizləyək. Həm də biz quş lələyi ilə yaza bilmirik, qamış qələm ilə yazırıq ki, onu yonmaq da yazı yazarkən tez-tez təkrar olunur və katibi quş lələyindən xeyli artıq məəttəl edir. Eyni zamanda, biz avropalılar kimi sür’ətlə yaza bilmirik. Yazını yavaş yazmağa məcbur oluruq. Həm də kürsü üzərində oturub, masa üstündə yaza bilmirik; məcburuq ki, yerdə oturub belimizi əyək və yazını dizimiz üzərində yazaq. Əlbəttə, birinci vəziyyətdə oturub yazmağın ikinci vəziyyətdə oturub yazmaqdan rahat olduğu hər kəs üçün aydındır. Belə olduqda əgər biz də avropalılar kimi yazımızı aralı və bitişməz hərflərlə yazsaq, saxlanılan başqa qüsurlarla bərabər, bir səhifə kağızı yazarkən əvvəlkindən iki qat artıq vaxt sərf etməliyik. Buradan da mə’lum olur ki, bizim ata-babalarımız hərflərin bitişikliyini gecikməni aradan qaldırmaq üçün tətbiq etmişlər ki, yazı yazarkən qələm dalbadal kağızın üzərindən götürülməsin və görünür ki, məhz buna görə də kufi xəttində nöqtələr yox idi. Əgər hərflərin yazı üsulumuzdan mütləq aralı yazılmasını qəbul etsək, o zaman məcburuq ki, biz də avropalılar kimi, soldan-sağa yazaq. Əgər belə olarsa, bütün çətinliklər aradan qalxar. Əgər belə etsək, Melkum xanın düzəltdiyi əlifba saitləri onların sırasına daxil edib, nöqtələri də atmaq şərti ilə, həm yazı, həm də çap işi üçün son dərəcədə rahat və asan bir vasitə ola bilər və mənim fikrimcə heç kəs bu hərflərdən daha gözəl hərflər düşünə bilməz. Lakin görünür ki, əlifbanı bu cür dəyişdirmək, yə’ni avropalılar kimi yazını soldan-sağa yazmağı qəbul etmək bizim qüvvəmizdən xaricdir. Odur ki, biz elə bir əlifba yaratmalıyıq ki, onun hərflərindən hər birinin ancaq bircə şəkli olsun ki, bunun nəticəsində də çap işlərimiz asanlaşmış olsun və əgər o müxtəlif şəkillər yazının sür’ətlə yazılması xatirinə əsil tərkibini itirmədən bir-biri ilə bitişsələr və bu bitişmə əlaməti hərfin tərkib hissəsi hesab olunmayıb, sür’ətlə yazmaq vasitəsi olarsa, mətləbə xələl yetirməz. Belə olduqda çap işləri üçün Melkum xanın yaratmış olduğu hərfləri qəbul edərik, nöqtələri tamamilə onlardan atarıq, həm də bu hərflərin biri-digərindən aydın seçilməməsi qüsurunu da aradan qaldırıb, sait hərfləri bildirmək üçün xüsusi şəkillər (hərflər) yaradıb bu əlifbaya əlavə edərik və bu yol ilə də çap işindəki çətinliklərdən birdəfəlik xilas olarıq. Bundan sonra yazı işlərinə qayıdarıq və yenə də Melkum xanın çap hərflərinə oxşar hərflər düşünüb, bitişmə əlamətləri ilə birlikdə tətbiq edərik ki, yazı yazdığımız zaman samitlər saitlərlə, yə’ni e’rabla bitişə bilsinlər; belə olduqdan sonra (a, d, z, r, z, j, v)dən ibarət olan yeddi hərf üçün də elə şəkillər düşünməliyik ki, özlərindən sonra gələn hərflərlə bitişib, qovuşmağa qabil olsunlar. Bu yol ilə də yazı işində olan əziyyətdən də xilas ola bilərik və demək, hər üç məqsədimizə, yə’ni oxumağı asanlaşdırmaq, yazmağı asanlaşdırmaq və çap işini asanlaşdırmaq məqsədimizə nail ola bilərik. Əlifbamızın hərflərinin sayı da 41-ə endirilər ki, bunlardan 32-si samit, 9-cu sait hərflər, yə’ni e’rab adlanar. Yazıda yüngüllük məqsədilə təşdidi də saxlasaq, münasib düşər. Köhnə əlifbamızı dəyişdirmək barədə mən Mirzə Fətəli Axundzadənin dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdiyim izahatın surəti bundan ibarətdir. İndi isə özümün həmin fikrimi böyük Osmanlı dövlətinin vəkalətpənah, şərafət sahibi olan sərkar sədr-ə’zəmi həzrətlərinə ərz edib, xahiş edirəm ki, əvvəla göstəriş versinlər ki, mənim həmin fikrimi Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, dəlillər əsasında ya qəbul və ya rədd etsinlər. Sonra isə onu çap etdirib yaysınlar. Əgər bu rə’ylərdən sonra böyük Osmanlı dövlətinin başçıları elm və maarifi yayıb inkişaf etdirmək üçün köhnə islam əlifbasını dəyişdirməyin vacib iş olması barədə həmrə’y olarlarsa, o zaman bir müşavirə çağırıb, Melkum xanın özünü də oraya də’vət edərək, rə’y birliyi ilə Şərq dillərini öyrənmək və yaymaq üçün lazım olan bütün şərtləri əhatə edən yeni bir əlifbanı qəbul etsinlər. Yeni yazı üsulu üçün tətbiqi lazım gələn bə’zi sərf-nəhv və imla qaydalarına gəlincə, onların hamısı mənim hicri 1280-ci ildə böyük Osmanlı dövlətinin başçılarına təqdim etmiş olduğum birinci kitabçamda izah edilmişdir. Bə’zi məsələləri isə lazım gələrsə, ona əlavə etmək olar. Yenə də təkrar etməyə cəsarət edirəm ki, əgər yeni qayda baş tutarsa, bütün nöqtələrin atılması və bütün e’rabın (saitlərin) hərflər sırasına daxil edilməsi vacib məsələlərdəndir. Bu iki şərt olmadan heç bir yeni dəyişiklik fayda verməyəcəkdir. Sakin nun (n) dan ibarət olan tənvinlər də yazıda və çapda görünməlidir. Yə’ni əgər tənvin rəf ilədirsə, qabağına zəmmə qoyulub, ardı sakin nun (n) gətirilsin; əgər nəsb ilədirsə qabağına fəthə və əgər cərr (önlük) ilədirsə, qabağına kəsrə qoymaq yolu ilə buna nail olmalıdır. Habelə farsca və türkcə bə’zi sözlərin, məsələn: (demiş), (qul), (görmüş) və (yer) dedikdə və bunlara oxşar sözlərin sonunda gələn açıq həmzə əvəzinə (h) olmamalıdır, bəlkə də xüsusi bir şəkil düşünülməlidir ki, sözün istər əvvəlində və axırında, istərsə də ortasında açıq həmzə yerinə həmin şəkil yazılsın. Əgər yığıncağın iştirakçıları yazı üsulunu dəyişdirmək barədə həmfikir olsalar, o zaman çox asanlıqla bu məsələ barəsində sözdən işə keçmək olar. Məsələn, qərar qəbul etmək ki, hələlik yeni əlifbanı çap edib, ölkənin hər tərəfinə göndərsinlər və çox ucuz bir qiymətlə dövlətin təbəələrindən hər birisinə istəsə də, istəməsə də, ondan birər nüsxə versinlər. Sonra belə bir fərman verilməlidir ki, bütün müəllimlər və məktəbdarlar yeni əlifbanı uşaqlara öyrətsinlər və daha sonra Böyük Pyort kimi məcbur etmək lazım gəlir ki, rəiyyətlərin və əsilzadələrin bütün uşaqları hökmən bu yeni üsulu öyrənsinlər. Böyük Pyort dəxi köhnə rus əlifbasını ruhanilərin narazı olmasına baxmayaraq, dəyişdirmişdi. Ruhanilər yeni əlifba ilə oxuyub yazmaqdan imtina etdikləri zaman Böyük Pyort onlardan əl çəkib buyurdu ki, gedin, köhnə əlifbanı sizə və sizi köhnə əlifbaya tapşırıram. Mən öz yeni üsulumu ölkəmin rəiyyətləri və əsilzadələrinin hümməti ilə həyata tətbiq edəcəyəm. Bu günə qədər belə, rus ruhaniləri kilsələrdə olan kitabları həmin köhnə rus əlifbasında yazır və oxuyurlar ki, onun da çətinliyi və şəkilləri bizim köhnə əlifbanın, demək olar ki, doğma qardaşıdır. Bundan sonra isə böyük Fridrix kimi hökm edələr ki, istər şəhərlərdə və istərsə də kəndlərdə, habelə elat içində heç bir adamın ixtiyarı yoxdur ki, öz uşaqlarını doqquz yaşından 15 yaşına qədər yeni üsulda oxuyub yazmağı öyrənməkdən başqa bir işə və peşəyə qoysun. Hər bir kəndin əhalisini və hər bir köçəri tayfanı məcbur etmək lazımdır ki, öz uşaqlarını oxudub tərbiyə etmək üçün bir nəfər müəllim saxlasınlar. Böyük Fridrixin qanununa əsasən ölkənin müdafiəçisi və xalqın hamisi olan padşahın öz ölkəsinin təbəələrindən hər bir şəxsin uşağı üzərində həmin uşağın atası qədər ixtiyarı vardır. Buna görə də əgər padşah bu uşağı onun öz xoşbəxtliyi naminə doqquz yaşından on beş yaşına qədər ancaq yazıb oxumağı öyrənməyə məcbur edərsə, aydındır ki, bu cür məcburiyyəti zülm adlandırmaq olmaz. Əksinə, bu, məhəbbət və mehribanlıq əlamətidir ki, bizim istilahımızda ona icbari kömək deyərlər. Elm və mə’rifət öyrənmək təkcə məişət və güzəranı tə’min üçün lazım deyil, əksinə, insanların əxlaqını saflaşdırmaq, onların işini və rəftarını yaxşılaşdırmaq sahəsində də elm və bilik təcrübədən keçirilmiş əsas vasitələrdəndir. Avropada filosoflar meydana gəlincəyə qədər, Roma papaları xalqın elm və bilik əldə etməsinə mane olurdular. Lakin eyni zamanda, onlar keşişlər və vaizlər vasitəsilə xalqı həmişə xeyirxahlığa, xoşrəftarlığa və təmizəxlaqlı olmağa də’vət edirdilər ki, onların bu təlaşı da heç bir nəticə vermirdi. Şərarət və pozğunluq hər yerdə gündən-günə artırdı. Lakin elə ki, o ölkələrdə çap işləri ixtira olundu və xalqlar filosofların rəhbərliyi ilə papaların itaət boyunduruğunu boyunlarından atdılar, elm və bilikləri öyrənməyə başladılar, nəinki mədəni tərəqqi yoluna düşdülər, həm də Asiyaya nisbətən Avropada pozğunluq və şərarət son dərəcə azalmağa başladı. Biz müsəlmanlar isə, hicrətdən bu günə qədər minbərlərdə, məscidlərdə, camelərdə və məclislərdə ruhanilər vasitəsilə cahilləri xeyir əməllərə və yaxşı əxlaq sahibi olmağa çağırırıq. Bu xüsusda onlara cürbəcür moizələr oxuyub, nəsihətlər veririk. İndi baxaq görək, bizim moizə və nəsihətimiz onların təbiətinə nə kimi tə’sir bağışlamış və bizim 1286 il müddətində çəkdiyimiz zəhmətin nəticəsi nə olmuşdur? Oğrular, quldurlar və qatillər həmişə cahillər içərisindən çıxmış və indi də çıxmaqdadır. Moizə və nəsihət vasitəsilə onların əxlaqını yaxşılaşdırmaq yolunda bizim sə’y və zəhmətimiz hədərə getmiş və nəticəsiz qalmışdır. Beləliklə, sabit olur ki, behişt və’dəsi verib, cəhənnəmdən qorxutmaq yolu ilə verilən nəsihətlər insanları pis əməllərdən çəkindirib, yaxşı əxlaq sahibi etmək üçün kifayətləndirici və tə’sirli vasitə deyildir. Bütün cahillər behişt və cəhənnəm haqqında söhbətləri eşitmişlər və bu söhbətlərə inanırlar; lakin inanmaqla bərabər, pis əməllərdən əl çəkmirlər. O müsəlmanlar ki, Afrikada azyaşlı oğlan uşaqlarını tutub rəhmsizcəsinə axtalayır və islam ölkələrində satırlar, habelə o şəxslər ki, bu bədbəxt uşaqları baha qiymətə satın alıb və onları bədbəxt edənləri bu çirkin əməl üçün şirnikdirirlər, hamısı dindar, hamısı cənnət və cəhənnəmə inanan adamlardır. İndi sual olunur: əgər onlar elm və bilik sahibi olsaydılar, öz həmcinsləri haqqında bu kimi rəhmsizliyə yol verərdilərmi? Pis və çirkin əməlləri tərk etmək üçün yeganə tə’sirli vasitə elmdir. Bütün dünyada alimlər, ariflər və mütəfəkkirlər içərisindən bir nəfər də olsun oğru, quldur və ya qatil çıxdığını görən və ya eşidən adam tapılarmı? Əlbəttə xeyr! Bunun səbəbi isə tamamilə aydındır. İnsan şəriət kitablarını və filosofların əsərlərini oxumağı bacardıqda, onun ağıl güzgüsü seyqəllənir və həqiqət onda görünür; hər bir yaramaz əməlin çirkinliyi onun gözünün önündə cilvələnir və belə olduğuna görə, bilikli insan ar-namus sahibi olur; pis işlərə qoşulmaqdan utanır. Yeni yazı üsulu nəşr edildikdən sonra himayəmiz altında olan ölkələrdə mö’təbər bir alimin sədarəti altında xüsusi bir cəmiyyət yaradıb, 10-12 nəfər alimi orada əyləşdirmək olar ki, bizə zəruri olan kitabları köhnə yazıdan təzə yazıya köçürsünlər. Kitablardan hər birisi hazır olduqda, onu çap etdirib münasib qiymətlə satmaq üçün ölkənin hər tərəfinə göndərmək olar ki, bu satış nəticəsində əldə edilən gəlirlə həm cəmiyyət üzvlərinin maaşını və həm də başqa xərcləri ödəmək mümkün olsun. Şübhəsiz ki, bu tədbir nəticəsində 2-3 ildən sonra cəmiyyətin gəliri çıxarından iki qat çox olacaqdır və belə olduqda, gəlirin çoxluğundan yığılan məbləği mətbəələrin və məktəblərin yaradılmasına və genişləndirilməsinə sərf etmək olar. Yeni üsul tətbiq olunduqdan sonra həmin cəmiyyətdə olan alimlər köhnə sərf-nəhv qaydalarını tamamilə alt-üst edib, yeni üsula uyğun olaraq, ərəb, fars və türk dilləri üçün üç cilddən ibarət müxtəsər sərfnəhv qaydaları yazaraq, sözlərin “faəl-feil” və “eynəl-feil”inin ixtilafını izah etməyə əsla əhəmiyyət vermədən bütün məktəblərdə onun tədrisinə başlayarlar. Yeni üsulun tətbiqindən sonra sözlərdəki “fəal-feil” və “eynəl-feil” saitlərini ayırd etmək bütünlüklə lüğət yazanların işi olar. Onlar bu işi hazırda mövcud olan üsulun əksinə olaraq, sözlərin düzgün tələffüzünü izah etmək dəlilləri kimi deyil, sadəcə fəthə, kəsrə və zəmməni əvəz edən saitləri yazmaqla tə’yin etməlidirlər. Yə’ni, bu gün lüğət yazanlar hər bir sözü şərh etdikdə, əlifbadakı qüsurlar üzündən hövsələyə sığmayan cürbəcür vasitələrə əl atmağa məcbur olurlar ki, bəlkə bunların köməyi ilə oxucu axtardığı sözün oxunuşunda səhvə yol verməsin. Məsələn: sütunavəndə sözünün izahında yazırlar: Sütunavəndə – birinci və ikinci hərfləri zəmməli, sakin nun, uzanan həmzə, fəthəli vav, əbcəd dalı və ikinci nunun sakinliyi ilə bir sütun üzərində dayanan eyvanın qabağına deyirlər. Yeni üsul tətbiq olunduqdan sonra bu xoşagəlməyən çətinliklər tamamilə aradan qalxacaqdır. Eləcə də ölkələrin, yerlərin, kəndlərin, şəhərlərin adlarını, habelə saysız-hesabsız əcnəbi sözlərini eynilə öz dilimizə köçürməli olduğumuz üçün bundan sonra yeni üsulla çox aydın və düzgün yaza biləcəyik. Halbuki, hazırkı hərflərimizdə bu kimi adların və sözlərin düzgün yazılışı qeyri-mümkündür. Sərf-nəhvin yeni qaydasında ancaq sözlərin sonluğu və bə’zi başqa məsələlər haqqında mə’lumat vermək lazım gələcəkdir. Beləliklə də müsəlman balaları və Şərq dillərini öyrənmək istəyən bütün adamlar artıq köhnə sərf-nəhv qaydalarını öyrənməyə ehtiyac hiss etməyib, böyük bir əzabdan xilas olaraq gənclik günlərini qiymətli bilikləri öyrənməyə sərf edəcəkdirlər. Ümid edirəm ki, böyük Osmanlı dövlətinin başçıları bütün xalqın dünya və axirət səadətini tə’min edən bu böyük məsələyə ciddi fikir verib razı olmayacaqlar ki, əlacı yalnız bilik və savadda olan 300 milyondan artıq islam xalqları korluq və cəhalət bəlasına həmişəlik mübtəla olaraq qalsınlar. Mən ruhanilərin bu işə mane olacaqlarını zənn etmirəm. Əgər mane olmaq istəsələr, onlar böyük Osmanlı xalqının düşmənidirlər. Bir halda ki, xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə mail olduqları göz qabağındadır, o zaman hansı bir işə iqdam etmək olar ki, xalqa onun faydası köhnə əlifbanı dəyişdirməkdən üstün ola bilsin? Dəmiryol vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir. Çünki bütün işlərin əsası bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır. Yazımızın çətinliyi nəticəsində biz elmdən məhrum qalırıq, savad və bilik əldə etməkdən acizik. Belə bir əlac düşünmək lazımdır ki, biz də, istisnasız olaraq hamımız azacıq bir sə’ylə alman milləti kimi savadlanıb, kitab oxumağa qadir olaq. Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər. Biz belə bir vəziyyətə nə üçün gərək təəssüf etməyək ki, 300 milyonluq islam xalqları içərisində savad və bilik sahibi olanların sayı 2-3 milyondan artıq deyildir. Köhnə əlifbanı dəyişdirməkdən başqa bu dərdin əlacı yoxdur. Hicrətdən bu günə qədər biz həmin dərdə düçarıq, indi ki, dərdimizi anlamışıq, əlacını da tapmışıq, bəs nə üçün onun müalicəsinə başlamayaq? Əlifbanı dəyişdirməyin ehtimal olunan zərəri bu işin verəcəyi mənfəət müqabilində Qülzum (Qırmızı) dənizi müqabilində bir qətrə kimidir. “Əlifba dəyişildikdən sonra filan qədər kitabımız məsrəfsiz qalıb, zay olacaqdır”, – deyən ağılsızların sözünə əsla əhəmiyyət verilməməlidir. Onlar qəflətdədirlər. Bizim bu gün nə kimi kitablarımız vardır? Yə’ni bizdə yüksək məzmunlu, ciddi əhəmiyyətli, nəfis elmlərdən xəbər verən kitablar yoxdur. Bundan sonra inşallah bizim bu kimi kitablarımız olacaqdır. Avropa və Yengi Dünya xalqlarının malik olduğu təbabət, fəlsəfə, riyaziyyat, coğrafiya, hərbi, dənizçilik, mühəndislik elmi, tarix, inşa, inzibati hüquq, iqtisad, əkinçilik, mə’dənşünaslıq, təbiiyyat, astronomiya, hey’ətşünaslıq, kimya, sənaye və texnikanın müxtəlif sahələri və növlərindən bəhs edən elmi kitabların müqabilində bizim kitabların əksəriyyəti “Çehil tuti” (Qırx tutu) kitabı kimi əhəmiyyətsiz bir şeydir. Biz “Məsaibül-əbrar” üçünmü heyifsilənəcəyik və ya “Əbvabül-cinan”ın dərdini çəkəcəyik?! Qoy, qiyamət gününə qədər bizim nadanlığımıza dəlalət edən və avropalıların nəzərində bizim ağıldan naqis olmağımıza şahid sayılan bu cür əsərlər birdəfəlik itib-batsınlar. Bizdə bə’zi kitablar da vardır ki, onları ya gərək öz əlimizlə odlayıb yandıraq, ya da çaylara tullayaq. O cümlədən, bizdəki qədim təbabət kitablarını göstərmək olar ki, onların varlığı üzündən yalançı təbiblərin əli ilə kürur-kürur insanlar təbii əcəlləri yetişmədən həlak olurlar. Bu gün bizim əlimizdə fiqh, təfsir və lüğət kitablarından, hesab, nücum və coğrafiyaya aid, habelə bə’zi tarixi hadisələrdən bəhs edən əsərlərdən başqa bir şey yoxdur. Bu kitabları isə köhnə əlifbadan yeni əlifbaya köçürmək heç də çətin bir iş deyildir. Mirzə Fətəli Axundzadə 1870-ci il, yanvar ayı, Tiflis şəhəri * * * Mirzə Yusif xana Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin! Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu. Birinci – Əli xan barədə sizə yazıram ki, sə’y və təlaşda olasınız ki, o, tezliklə xarici ölkələrdən birində səfir olsun! Əgər belə bir vəzifə onun əlinə keçərsə, mən zamin oluram ki, sizin evin kirayəsi hər üç il üçün əyər-əskiksiz sizə çatacaqdır. Əgər xaricdə belə bir vəzifə olmazsa, çalışın ki, o, İran vilayətlərindən birində hakim olsun. O zaman yenə də sizin pulunuz vüsul olacaq və siz öz haqqınıza çatacaqsınız. Buna heç bir şübhə ola bilməz. Lakin Əli xanın özü bu iki vəzifədən hər hansında olursa olsun, işdən çıxarkən yenə də çoxlu borca tutulacaqdır. Buna da heç bir şübhə ola bilməz. Fərqi ancaq bundadır ki, o zaman tələbkar siz deyil, başqa adamlar olacaqdır. İkinci – şə’niyüksək dostumuzdan son dərəcədə razıyam və ona çox təşəkkür edirəm ki, mənim komediyalarımın tərcüməsinə əmr vermişdir. Qismət olarsa, komediyalar çapdan çıxandan sonra 3-4 nüsxə mənim üçün hədiyyə göndəriniz və əziz mütərcimə deyiniz ki, “Sərab xanının hekayəti”ni hər yerdə “Lənkəran xanının hekayəti” yazsın. Çünki mənim xəbərim olmadan, mətbəədə Lənkəran sözünü Sərab sözü ilə əvəz etmişlər. Sərab səhvdir, Lənkəran yazılmalıdır. Çünki Sərabın yanında dəniz yoxdur. Üçüncü – sizin məktubunuzu Hacı Mehdiyə çatdırdım. Özüm də həmin tədbirlərlə məsləhət gördüm ki, sizin mülkünüzü ya xalisə kəndləri ilə dəyişdirsin, ya da adi sövdələşmək yolu ilə alsın. Bunu Mirzə Əsədulla xana da sübut etdim. Tam razılıq və şövq ilə söz verdi ki, bir aydan sonra, yə’ni ə’lahətzər padşah və xarici işlər naziri Tehrana qayıtdıqdan sonra, o barədə, yə’ni həmin dəlillər əsasında haqqında danışdığımız evin satın alınmasının zəruri olması barədə, öz tərəfindən məktubla vasitəçilik edəcəkdir. Dördüncü – bizim sirrimizdən xəbərdar olan fars dostlardan birinin, Bombeydə 1714, 7301 çap etməyi öhdəsinə götürdüyünü yazdığınızdan çox-çox sevindim. O, cənaba deyin ki, əgər mən də yumşaq, pərdəli və mülayim yazsaydım, mənim də əsərim Mollayi-Rumi, Şeyx Mahmud Şəbüstəri, Əbdürrəhman Cami və başqa klassik filosofların əsərləri kimi olardı. Bu adamların əsərlərindən bu günə qədər bir nəticə əldə edilmişdirmi? Belə isə, həqiqət bu ali rütbəli həzrətlərin əsərlərində işlətdikləri üslubda deyildir. Onlar filosofluğun mə’nasını çox yaxşı anlamışlar. Lakin qorxaqlıq və cəsarətsizlik üzündən fəlsəfənin mə’nasını bütün xalqa və bütün bəşəriyyətə söyləyə bilməmişlər. Bunun nəticəsindədir ki, onların əsl məqsədləri bu günə qədər kəşf edilməmiş qalmışdır. Onların əsərlərindən heç kəs fayda görə bilməmişdir. Halbuki ingilis Bokl, fransız Volter və başqa Avropa filosofları da həmin fəlsəfəni o cənablar kimi anlamışlar. Lakin cəsarətlə, qorxusuz, pərdəsiz və açıqdan-açığa onun mə’nasını özlərinin dərk etdikləri kimi, bütün insanlara, bütün xalqa başa salmışlar və bunun nəticəsində, bütün dünyada yüksək ad qazanmışlar və Avropanın bugünkü mədəniyyətinə bais olmuşlar. Əgər 1714, 7301 nüsxələrində olduğu kimi, bir şey artırılıb-əskildilmədən, dəyişdirilib-əvəz edilmədən, pərdəsiz, açıqdan-açığa çap edilməsi mümkündürsə, edilsin. Əgər mümkün deyilsə, onları dəyişdirmək, əvəz etmək, qurutmaq, söndürmək, tə’sir və təravətdən salmaq yolu ilə çap etməyə icazə verilmir. Qoyunuz, necə ki vardır, eləcə də qalsın! Mümkündür ki, bir müddətdən sonra bizim oğullarımızdan və nəvələrimizdən bir nəfər mə’rifət və hünər sahibi çıxar ki, kitabı yazıldığı üslubda çap edər və bütün Asiya qit’əsində bu gün zülmət və cəhalət dənizində qərq olan insanların xoşbəxtliyinə və səadətinə səbəb olar. Hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən sonra dünyanın hər tərəfində biri-digərinin ardınca, bundan sonra sərt əsərlər yazılacaqdır. Bu əsəri yazmaqda mənim məqsədim təkcə xalqımın mədəniləşdirilməsi deyildir. Həm də mən təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımızın, alimlərimizin 1287 il əsarətdə və zindanda olan fikrini azad etmək, insanları korluqdan qurtarmaq istəyirəm. Əgər bir insan 60 və ya 70 il heyvan kimi kor-koranə yaşayıb bu dünyadan kor gedərsə, belə bir həyatın insan üçün nə ləzzəti vardır? Ümid edirəm ki, mənim sözümə qulaq asacaqsınız, mənim zövqümə və mənim fikrimin sağlamlığına inanacaqsınız və razı olmayacaqsınız ki, bə’zi puç mülahizələrə görə, əsər öz orijinallığını və kəsərini itirsin. Çap edəcəyiniz nüsxədə siz, Tiflisdən keçərkən Əla-Zikrihissəlamın hekayəsi haqqında sizin nüsxələrdən birinə ilhaq etdiyim qeydi də əlavə etməyi unutmayınız! Beşinci – bizim şə’niyüksək dostumuz Manukçi Sahib adlı dünyagörmüş qoca bir şəxsi mənə nişan vermişdir. O, mədəni bir şəxsdir. Zərdüştilərin rəhbəridir. Yəqin ki, onu Tehranda görəcəksiniz. Ona deyiniz ki, Mirzə Fətəli sizə salam söyləyib və uzaqdan-uzağa sizə məhəbbət bəsləyir. Əgər bu şəxsin farsca savadı varsa, 1714, 7301 nüsxəni ona göstəriniz! Əgər o, əsəri Kücəratda çap etdirmək fikrində olarsa, icazə veriniz! Altıncı – Ruhül-qüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün hesab etdiyiniz hər bir kəsə veriniz oxusun. Kitabçanın məzmunu və əqidəsi haqqında oxucuların və dinləyicilərin fikrini zəhmət çəkib bizim üçün yazınız ki, mənim və cənab Şeyxül-islamın arasında müzakirə və əyləncə vasitəsi olacaqdır. Lakin sizə bildirirəm ki, mən Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra bitişməz və fasiləli yazılan hərflərin sözlərin tərkibində bitişik yazılan hərflər üzərində üstünlüyünə inanıb qəbul etmişəm. Bu şərtlə ki, bizim yazımız da xaçpərəstlərin yazısı kimi soldan-sağa yazılsın və oxunsun. Şə’niyüksək dostumuza yazmışam ki, Ruhül-qüdsün həmin kitabçasını oxuyaraq, əlifbanın dəyişdirilməsi haqqında öz fikir və əqidəsini mənə yazsın. Yeddinci – uzaqdan məni yad edib, mənə məhəbbət bəsləyən tehranlı dostlarımdan hər birinə ayrı-ayrılıqda mənim dilimdən salam yetirib deyiniz ki: Mirzə Fətəli sizin hər birinizdən xahiş etmiş ki, öz adını, ləqəbini, rütbəsini və işini şairlərin əsərlərindən alınmış bir-iki münasib şe’r ilə bərabər öz xətti ilə yazıb mənə versin ki, Mirzəyə göndərim ki, o da yadigar olaraq, dostlarının siyahısı olan dəftərə qeyd etsin. Səkkizinci – sizin salamınızı Şeyxül-islama çatdırdım. Şeyxülislam sizi o qədər sevir ki, adınızı eşidən kimi az qaldı sevincindən uçsun. Çox arzu edir ki, siz bir qədər yaxına gələsiniz. Yə’ni Təbrizə nayibül-vəzarə vəzifəsinə tə’yin olunasınız. Doqquzuncu – Rəşid paşa sizə salam yetirir və əlinizi öpür. Bu il yeddinci sinfə keçdi. Hazırda yeddinci sinfin şagirdidir. Bir ildən sonra o, gimnaziyanı bitirəcəkdir. Ondan sonra, sağlıq olarsa, islam dillərini öyrənmək işini təkmilləşdirməyə başlayacaqdır. Öz məktublarınızda gözümün işığı olan Hüseyn xana mənim və Rəşid paşanın dilindən salam yazın! Allah mənim və sənin övladımız olan bu iki qardaşı xoşbəxt edib, uzun illər yaşatsın! Rəşid Boklun, Renanın əsərlərini oxumuş, fəlsəfəni məndən az bilmir. Fizikanı və təbiətşünaslığı məndən yaxşı anlayır. Bu məsələlər haqqında mənimlə həmişə mübahisəyə girişir, dəlillər və sübutlar gətirir. Lakin bu il ramazan ayını başdan-başa bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyirdi ki, mən istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Bu da bir rəftardır. Ramazan ayında hər gecə namaz qılır, dua oxuyur, lakin çox gözəl tar da çalırdı, musiqi elminə çox həvəsi vardır. Hal-hazırda tarı çox gözəl çalır. Bu məktubumun sənə çatması haqqında məni xəbərdar etməyini xahiş edirəm. Sənin səmimi dostun Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 17 dekabr 1870-ci il, Tiflis şəhəri * * * İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz. İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar... İşin əvvəllərində dini alimlər və qazilərdən bə’zilərini müəyyən vəzifələrdə və həm də maaşla Ədliyyə Nazirliyinə tabe olan məhkəmələrdə və mürafiə məclislərində oturtmaq olar. Amma bir şərtlə ki, onlar bu vəzifələrdə çalışmağa başladıqdan sonra din işlərinə əsla dəxalət etməsinlər. Mürafiə işləri üçün peyğəmbərin şəriəti ehkamı üzündən tərtib olunacaq (qanun) kitab gərək bir-birinə zidd fikirlərdən uzaq olub, hər yerdə eyni tərzdə və vahid fitva ilə ümummillətə aid edilsin. Bu kitabı hazırlayan vaxt qanun yazanlar dövrün tələbatına müvafiq olaraq hökm verə bilərlər, necə ki, sizin risaləniz şəriətə uyğun olaraq, bu kimi hökmlərə şamildir. Xahiş edirəm ki, bundan sonra da Ədliyyə Nazirliyində baş verən hadisələrdən münasib gördüklərinizi yazıb mənə bildirəsiniz. Çox yaxşı bir işə iqdam etmişsiniz. Allah mübarək eləsin və axırını xeyrə və yaxşılığa çatdırsın! Mə’lumdur ki, bu işdə ümumun mənafeyi nəzərdə tutulmuşdur və İranda mədəniyyətə doğru atılan birinci addımdır. Bu gündən belə mən əmin ola bilərəm ki, bundan sonra siz xalqın tərbiyəsi işi ilə məşğul olacaqsınız. Heç rəvadırmı ki, təxminən 14 milyonluq İran əhalisindən yarım milyonu da savadlı olmasın?! Əgər xalq tərbiyə edilməzsə və bütün kütlələr savadlı olmazsa, siz və Ədliyyə Nazirliyinin başqa məs’ul işçiləri ölüb-gedəndən sonra indiyə qədər qanun yazmaq və yeni bir idarənin əsasını qoymaq uğrunda çəkdiyiniz bütün zəhmətlər heçə-puça çıxacaq və sizin yaratdığınız nəzm-nizam və yeniliklər unudulacaqdır. Camaat isə yenə də keçmiş qayda-qanunlara qayıdacaqdır. Əzəmətli ağam! Siz Tehranda düşünəcəksiniz ki, nə üçün cənab Şeyxül-islam və Mirzə Fətəli məhkəmə işlərinin şiə ruhanilərinin əlindən tamamilə alınmasını məsləhət görürlər? Bunun səbəbini izah etmək istəyirəm. Əlbəttə, sizə mə’lumdur ki, bizim xalqımız bütün qulluq sahiblərini və bütün dövlət mə’murlarını “əhli-zələmə” adlandırırlar. Bir halda ki, belə bir əqidə hələ də xalqın fikrində qalmaqdadır, zahiri itaətə baxmayaraq, batində dövlətlə xalq arasında daimi bir ziddiyyət mövcud olacaqdır. Bu ziddiyyət isə vəsfəgəlməz fəsada səbəb olur. Belə bir ixtilafı ortadan qaldırmaq ən vacib məsələlərdən biridir. Xalqla dövlət arasında ayrılığın, ziddiyyətin əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsəllət olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaət edir, ürəyində dövlətə nifrət bəsləyir. Çünki ruhanilər xalqın “pənahı” adlanır. Nəyə görə ruhanilər xalqın “pənahı” olmuşlar? Ona görə ki, dövlətin ən böyük vəzifələrindən olan məhkəmə işləri ruhanilərin əlindədir. Xalqın ehtiyacı onların vasitəsilə ödənilir. Dövlət isə ikinci dərəcəli yeri tutur. Həqiqətdə isə dövlət mə’murları ruhanilərin qarşısında onların hökmlərini icra edən nökər kimidirlər. Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın. Dövlət zahiri və həqiqi istiqlaliyyət əldə etsin. Təkcə özü xalqın pənahı olsun, ruhaniləri ölkəni idarə işlərində dövlətə şərik etməsin. Bizim əqidəmizə görə, belə bir təqdir sayəsində günlər keçdikcə xalqla dövlət arasındakı fərq aradan qalxar. Amma bu məsələ bir şərtdən asılıdır ki, dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun mə’murları məhkəmə işində fövqəl’adə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. Xalqla dövlət arasındakı ziddiyyətin aradan qaldırılmasının vacib məsələ olmasına şübhə ola bilməz. Ancaq söz orasındadır ki, bu ziddiyyət nəyin vasitəsilə aradan qaldırılmalıdır. Bu barədə düşünərkən, yuxarıda qeyd etdiyimiz tədbir, bizim fikrimizcə, əlverişli göründü. Əgər siz özünüz bundan daha asan və daha yaxşı bir tədbir düşünsəniz, əlbəttə, onu tətbiq edə bilərsiniz. Sonra əziz qardaşım Mirzə Məhəmməd Cəfər “Molla İbrahim Xəlil” hekayəsini çox düzgün və gözəl tərcümə etmişdir. Yazdım ki, çap etdirsin. Onun məktubunu açıq göndərdim. Əvvəlcə özünüz oxuyun, sonra isə ona təqdim edin! Çünki mə’lumunuz olan nüsxəyə dair bə’zi qeydlər yazaraq, təmənna etmişdi ki, oradakı məsələlər tənqid yolu ilə deyil, atalıq nəsihəti şivəsi ilə yazılmalı idi. Buna görə də onun e’tirazlarına cavab yazmalı oldum. Yaxşı olar katibinizə buyurasınız ki, mənim yazdığım cavab məktubunun üzünü köçürsün ki, sizin yanınızda qalsın. Mümkündür ki, bu məsələ ətrafında başqa bir mübahisəçi də meydana çıxsın. O zaman həmin cavabı ona oxuyub, sakit edərsiniz. Hörmətli Əli xanın vəziyyətindən heç bir xəbərim yoxdur. Bir neçə gün bundan qabaq ona da məktub yazmışam. Lakin alıb-almadığını bilmirəm. Cənab Şeyxül-islam sizə çoxlu salam göndərir və sizin yeni vəzifənizi təbrik edir. Sizin salamınızı Mirzə Əsədulla xana çatdırdım, ondan da sizə sonsuz salam yazıram. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 25 mart 1871-ci il, Tiflis şəhəri * * * İkinci ayrıca məktub Əzəmətli ağam! Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: Tərcüməsi: Öz mənfəətləri xatirinə, başqalarının zərərini istəyirlər, dini isə alət edirlər... beytinin sonunda qoyulmalıdır. İkinci qeydin işarəsi isə: Dəvə südü və kərtənkələ yeməklə, ərəblər işi o yerə çatdırıblar ki... beytinin sonunda olmalıdır. Üçüncü qeydin işarəsi isə birinci fikrin sonunda qoyulmalıdır. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 25 mart 1871-ci il * * * Türkcə “Təmsilat”ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin! Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu. Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah şahzadə nəvvab-əşrəf-əmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm ki, valahəzrət şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə mənə mə’lumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin. Mənim bədbəxtliyimdəndir ki, bütün İranda özümə bir nəfər sirdaş tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi. İkincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki, “Molla İbrahim Xəlil”i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə etmişsiniz. Tərcümədə qətiyyən orijinaldan kənara çıxılmamışdır. Tərcümənin də əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz. Tərcüməni mütləq çap etdirməyə çalışın! Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında iştirak edən bütün personajların şəkillərini də hər bir əsərdə çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablar başqa bir gözəlliyə malik olardı. Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir. Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə böyük inam və e’tibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan sonra 3-4 nüsxə mənə hədiyyə göndərin! “Georq Klifford” sözlərinin mə’nasını soruşmuşsunuz. Deməliyəm ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır... Yə’ni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Sə’d ibn-Vəqqas, Ömər ibn-Sə’d və Əmr ibn-As əvəzinə – Sə’d-e Vəqqas, Ömər-ə Sə’d Əmr-e As yazmaq mə’lumdur. Cümlənin mə’nası cəhətdən cənab Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır”. O ki qaldı “qığılcım” kəlməsi, türkcə qığılcım ən kiçik od şərarələrinə deyilir. Farsca “əbizə”, “xədrə” və “sitarəçə” deməkdir. Siz necə qaradağlısınız ki, bu kəlmənin mə’nasını bilmirsiniz? Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Mən yeddi yaşımdan 12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə arasında başlanan müharibədən bir il əvvəl Arazın bu tayına – rus torpağına keçib gəlmişəm. “Həkim çullu” isə “biyabani” (çöllü) demək deyildir. Çul türk dilində atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl, dərviştəbiətli bir həkim səyahət məqsədilə İrandan Nuxaya gəlmiş və bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə elmlərdə, guya, tam məharəti varmış. Onun adı bu şəhərdə və onun ətrafında məşhurdur. Həmişə çula büründüyünə görə “Çullu həkim” adı ilə şöhrət tapmışdır. Yə’ni çul və ya kəpənək geyinən həkim. Nuxa camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir adam kimi zənn edirlər. Üçüncüsü – əziz qardaşım! “Kəmalüddövlə məktubları” barədə qeyd etmişsiniz ki, onları hələ oxumamışsınız. Pəs haradan bilirsiniz ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir. Onun izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz. İrad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi əsər yazıla bilməz. “Kəmalüddövlə məktubları” moizə, nəsihət deyil, tənqiddir. İnsanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin bəşər təbiətinə heç bir tə’siri olmayacaqdır. İnsanların təbiəti moizə və nəsihətləri oxuyub, dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar. Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz. Əgər nəsihət və moizənin insanlara tə’siri olsaydı, mərhum Şeyx Sə’dinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən-axıra qədər nəsihətdir. Pəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir. Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir. Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz. Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin tə’sirini artırmaq üçün tənqiddən faydalı heç bir vasitə ola bilməz. Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı “Əbvabül-cinan” kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərmisiniz ki, “Əbvabül-cinanı” öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının adından belə adamın zəhləsi gedir. Lakin, Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən uzaqlaşmaq və tə’rif etdiyi əməlləri mütləq icra etmək lazımdır. İndi görün, nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbi odur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Buna görə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım bu sirdən hələ də xəbərsizdir. Əgər inşallah, Kəmalüddövlənin məktubları nəşr edilərsə, mənim xalqım da tərbiyə və mə’rifət meydanına qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri iste’dadı Avropa xalqlarının fitri iste’dadından qat-qat artıqdır. Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış və “kimya yoxdur və ya kimyanın olduğuna inanmaq olmaz”, – sözlərini dilinə belə gətirmədən ancaq tənqid və istehza məqsədi ilə “Molla İbrahim Xəlil” hekayətini yazaraq, xalq arasında yaymışdır. İndi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki tə’siri üstün və aşkardır? Söz yox ki, “Molla İbrahim Xəlil” hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır. Tənqidin nəsihətdən başqa bir fərqi də vardır. O da bundan ibarətdir ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah etmək işində nəsihətin qətiyyən tə’siri yoxdur. Halbuki tənqid müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə tə’sirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə də tam tə’siri vardır. Bu cəhətdən o, arzu edilən nəticəni verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki, moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən başqa faydası yoxdur. Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir tə’sir edə bilməz. Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər. Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir. Əgər bir şəxs sizinlə mübahisəyə girişib, bunun əksini iddia edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab verim ki, bütün iddiaları alt-üst olsun. Kəmalüddövlənin tənqidindən nə üçün inciyək gərək? Kəmalüddövlə yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir. O, öz xalqımızın oğludur, o, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının əxlaq və əməllərini rişxəndə, istehzaya tutur. Dördüncüsü – siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib etmişdim ki, bütün nöqtələr düşüb və sait hərflər, yə’ni e’rab, samit hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-qüds başqa bir layihə düzəltmişdir ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması da ləğv edilir və kəlmələr fasilədən və ayrı-ayrı yazılan hərflərlə yazılır. Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının əlifbası kimi samit hərflər sırasına daxil edilir. Doğrudan da Ruhülqüdsün əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna görə də mən onun razılığı və məsləhəti ilə, onun tərtib etdiyi layihədə bə’zi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-qüdsün bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər. Beləliklə də, mənim yanımda Ruhül-qüdsün əlifbasının surəti qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də Ruhül-qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini oxuya bilərsiniz. Sizdən xahiş edirəm ki, cənab Ruhül-qüdsün yeni əlifbası və onun lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq İran əhalisi arasında nə üçün heç olmazsa, yarım milyon savadlı adam yoxdur. Lakin Avropa ölkələrində bütün xalq savadlıdır. Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran məsələlər haqqında sizə yazıb, mə’lumat verəcəyəm. Bir də öz məktubunuzda cənab Ruhül-qüdsdən bərk incidiyinizi bildirmişsiniz ki, nə üçün o, yazılarını e’tiraz və istehza ilə yazıb, lazım idi ki, çox mülayim şəkildə, yə’ni vaiz və nəsihətçi kimi yazaydı. Doğrudur, cənab Ruhül-qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-qüds sizin üçün e’tirazsız, məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız. Beləliklə də, məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb tələf olaydı? Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq və səliqəyə malik deyilsiniz. *Cənab Ruhül-qüds bir yerdə yazır: “İngiltərə hökuməti istəyir Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində İran vəzirləri deyirlər: “Bu işin çarəsi yalnız ondan ibarətdir ki, İngiltərə səfirliyinin mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq”. Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz olsun, həm də İran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı, ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. İran vəzirlərinə bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlardan bə’- zən elə əməllər baş verir ki, Ruhül-qüdsün nöqteyi-nəzərincə, guya onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər bir oxucuya mə’lum olur. Nə isə, Ruhül-qüds və Kəmalüddövlə – hər ikisi əsərlərini nə cür yazmaq lazım gəldiyini çox gözəl bilirlər. Sə’dinin və Molla Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə və Ruhül-qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən keçib, kamal dövrünə çatdıqdan sonra bu cür iddialar, bəşər təbiətinə müxalif olan iddialar sayılır. Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 15 məhərrəm, hicri 1283-cü il [25.III.1871-ci il] Tiflisdə * * * 1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktub Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız. *Cənab Ruhül-qüds bir yerdə yazır: Tehranda müşavirə məclisi. Məclisin müşaviri – İngiltərə dövləti Sistanı Əfqanıstana ilhaq etmək istəyir. Nə etmək lazımdır? Məclisin üzvləri: – İngilis səfarətxanasının mütərcimi olan Mirzə Ağa Xoylu ilə dostlaşmaq lazımdır. Məclisin müşaviri: – Avropa dövlətlərinin İran dövləti barədə filan-filan xəyalları vardır. Nə etməliyik? Məclisin üzvləri: – Biz də onların səfirlərini tə’ziyə məclisinə buraxmarıq. İndi, Mirzə Məhəmməd Cəfər! Deyin görək, bu mətləbi sizin səliqənizə görə necə qələmə almaq olar ki, həm nəsihətamiz, mehribancasına deyilmiş olsun, həm də məclis üzvlərinin vəziyyəti bu aydınlıqda, bu qədər ləzzətli və tə’sirli şəkildə aşkara çıxarılsın?.. Ola bilsin ki, məclis üzvlərinə verilən bu qiymət yalandır. Mən onları görməmişəm və tanımıram. Lakin Ruhül-qüdsün əqidəsinə görə, onlardan elə işlər baş verir ki, həqiqətdə onların belə bir ağıl və dərrakə sahibi olmaları meydana çıxır. Deyilənlərə görə, müşavirə məclisində dəmiryol inşasına dair danışıqlar gedən zaman, məclis üzvlərindən biri demişdir: – Dəmiryol salınarsa, bizim bütün dəvələrimiz lüzumsuz qalacaqdır. Elə isə bu yolun salınmasına necə icazə verə bilərik? Qardaşım Mirzə Məhəmməd Cəfər! Birinci Şah Abbasın vəzirlərinin ağıl və şüur dərəcəsi “Yusif şahın hekayəsi”ndən sizə mə’lumdur. Görmürsünüz ki, dövlətin vəzirləri və xalqın ağsaqqalları Şah Abbasa ulduzların mə’nasız bəlasından nəcat vermək üçün uşaqcasına nə kimi tədbirlərə əl atırlar? Bu da ki, böhtan deyildir. “Tarixi-aləmara” göz qabağındadır. Baxa bilərsiniz! Şah Abbas dövründən bu əsrə qədər İran xalqı puç əqidələrin tə’siri sayəsində tərbiyə aləmində o qədər də çox tərəqqi etməmişdir. Ola bilsin ki, bə’zi fərqlər vardır, lakin bu fərq çox cüz’idir. Babilər fitnəsini törədənləri cəzalandırmaq işində dövlət başçılarından nə qədər yüngül hərəkətlər baş vermişdir. Bunların rəhmsizliyini və vəhşiliyini yada salan heyrətdən barmağını dişləyir. Əgər bu hərəkətləri onların yadına salmasan, oyanıb ibrət almazlar və həmişə qəflətdə qalarlar. Yada salanda da, buna təcavüz adı verilir. Bəs nə etmək lazımdır? Əgər ölkənin və xalqın mənafeyi bunu yada salmağı tələb edirsə, tənqid də eyni vəzifəni izləyir. Bu kimi mətləbləri moizə və nəsihət yolu ilə söyləmək mümkün deyildir. Əgər söyləsən, mütləq tənqid üsulundan istifadə etməlisən. Onu moizə və nəsihət adlandırmaq olmaz! Hal-hazırda Avropa ölkələrinin hər birisində satirik qəzetlər, yə’ni öz həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar. Siz Volter, Yuğni Sud və Aleksandr Düma, Koldikok kimi yazıçıların romanlarından və başqa bədii əsərlərindən, bu ölkələrin Bokl və Renan kimi başqa filosoflarının yazılarından xəbərdar olmalısınız ki, bu sözün həqiqət olması sizə sabit olsun və siz mənim dediklərimə inanasınız ki, moizə və nəsihətin insan təbiətində, onun uşaqlıq və ilk gənclik dövrü keçdikdən sonra heç bir faydası və təsiri ola bilməz. *Buna görədir ki, Ruhül-qüds özünün “Vəzir və rəfiq” adlı kitabçasında tənqid şəklində fəryad edir ki, ey mənim qardaşlarım, ey mənim həmvətənlərim, öz biliyinizlə qürrələnməyin, öz haqqınızda bədgüman olmayın, elm öyrənin, mədəniyyət dairəsinə qədəm qoyun! Sizin indiki biliyiniz əsla sizə bəhrə vermək və sizə haqqı batildən və doğrunu yalandan ayırmaq imkanını verməz! Əgər İran dövləti Ədliyyə Nazirliyinin sə’yləri nəticəsində çap işlərində mütləq azadlıq tətbiq edərsə, Kəmalüddövlənin məktubları və Ruhül-qüdsün əsərləri tamamilə çap edilib, xalq arasında yayılarsa, əlli ildən sonra İran ölkəsi Avropanın qabaqcıl ölkələrinin tayı olacaqdır. Bunun üçün bircə şərt lazımdır ki, bütün xalq savadlansın və xalqla dövlət arasındakı gizli nifaq aradan qaldırılsın. O zaman İran xalqına xoşbəxt və şanlı bir həyat nəsib olacaqdır. Gələcək nəsillər, Kəmalüddövlənin və Ruhül-qüdsün adlarını həmişə hörmət və izzətlə yad edəcəklər. Lakin, əgər onların sözləri tənqidi şəkildə deyil, moizə və nəsihət şəklində deyilərsə, min il keçəcək və heç kəs onların sözünə qulaq asmayacaqdır. Əzəmətli ağam! *Nə isə, mən bilmirəm, Kəmalüddövlənin sözlərində və ibarələrində hansı cəhətləri dəyişməyi əziz qardaşım Mirzə Məhəmməd Cəfər layiq görür?! Hər bir yerinə əl vursan, əsər tənqidi əhəmiyyətini itirər. Mülayimlik və həqiqəti pərdələmək tənqid şərtlərinə müxalifdir. Mülayimlik və məsələni ört-basdır etmək tənqid şərtlərinə ziddir. Məsələn, Bokl və Renan öz əsərlərini necə yaza bilərdilər ki, mülayim, pərdəli, e’tirazsız, vaizcəsinə, nəsihətverici, mehribancasına və ata sözləri kimi çıxaydı? Əgər belə olsaydı, onların əsərləri tənqid olmazdı, onların adını heç kəs eşitməz və əsərlərini heç kəs oxumazdı. Bu ona oxşayır ki, bir şəxs Bokl və Renana üz tutaraq desin: “Ey filosoflar, siz öz əsərlərinizi vaizsayağı, nəsihətçi kimi, mehribancasına, ata kimi mülayim dildə, eyibləri açıb-ağartmadan yazmalısınız”. “Əgər əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlənin qələmindən çıxan bə’zi kəlmələri nəzərdə tutursa, demək lazımdır ki, bu kəlmələr ədavət nöqteyi-nəzərindən deyil, şur və hissiyyata qapılmaq nəticəsində ixtiyarsız yazılmışdır. Məsələn, “nadan iranlılar”, “evi yıxılmış iranlılar” və bu kimi sifətləndirici kəlmələr əsər çap edilərkən silinə bilər. Lakin bu kimi cüz’i dəyişikliklərdən başqa, hər cür dəyişdirmə və təhrif əsərin kəlmələrini və ibarələrini tə’sirdən salar və onu yaramaz vəziyyətə gətirər. Katibim bir müddətdir ki, xəstələnmişdir. Məcburən məktubu özüm yazıram. Xəttimin pisliyindən və səliqəsizliyindən özüm də narazıyam. Məni gərək bağışlayasınız. Bir neçə əlavə və qeydlər vardır ki, onları mə’lumunuz olan nüsxəyə əlavə etmək vacibdir. Ona görə də onları yazmağa və göndərməyə iqdam etdim. Bu üçüncü məktubdur ki, göndərirəm və hər birinə ayrı müfəssəl cavab gözləyirəm. 2 aprel 1871-ci il Bu üçüncü məktubda yazdığım əlavələr və qeydlər bunlardır: Birincisi – İranda əmirləri çubuqla döymək və uşaqlara tə’lim və tərbiyə zamanı çubuq və sillə vurmaq əhvalatı. İkincisi, – (Hər kəs öz şəxsiyyətini tanıyarsa, o, Allahını tanımış olar) ayəsinin şərhi. Üçüncü – İmam Qəzalinin fikrinin izahı. Dördüncüsü – Əmmarətül-Yəməni adlı şairin şe’ri. İnsanların uşaqlıq dövrü keçdikdən sonra moizə və nəsihətin bəşər təbiətinə qətiyyən bəhrə və faydası olmadığı haqqındakı fikrimi isbat üçün bu mətləbi də sizə yazıram ki, əziz qardaşın Mirzə Məhəmməd Cəfərə oxuyasınız. Bu ali mətləb sizə göndərdiyim ayrıca səhifədə yazılır. Mirzə Yusif xana yazmaq lazımdır. * * * 1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni “Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz. ...Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir. Nəhayət, hazırkı əsrin əvvəllərinə yaxın, Avropanın Volter, Russo, Monteskyö, Mirabo və başqa bu kimi Söhban təbiətli filosofları, bəlağətli və fəsaətli şairləri, natiqləri və həkimləri anlamışlar ki, zülmü aradan qaldırmaq üçün heç də zalimə müraciət etmək lazım deyildir, bəlkə əskinə, məzluma demək lazımdır ki: “Ey nadan, sən ki, qüdrət, say və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan; bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!”. Bu ikinci əqidə meydana gəldikdən sonra Avropanın filosofları öz yeni fikirlərini xalqa anlatdılar. Məzlumlar ağıllı adamların yeni fikirlərilə tanış olduqdan sonra birdəfəlik hümmət edərək, qeyrət göstərdilər. Zülmü ortalıqdan qaldıraraq, özlərinin vəziyyətini, əhvalatını və asayişini yaxşılaşdırmaq üçün elə qanunlar yaratdılar ki, hər bir insan o qanunlara əsasən, öz əli altında çalışan insanlara zülm etməyə qadir olmayacaqdır. Hazırda Avropa ölkələrinin bir çoxunda mövcud olan konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir... Buradan şüur və sağlam ağıl sahiblərinə tamamilə aydın olur ki, moizə və nəsihət çox mə’nasız işdir və insanların təbiətinə əsla tə’sir edə bilməz. * * * Xahiş edirəm ki, bu mətləbi də əziz qardaşım Mirzə Məhəmməd Cəfər üçün oxuyasınız: Tənqidin gələcək nəslin təbiətinə kamil tə’sirinin səbəbi odur ki, bu nəsil üçün tənqidin müəllifi artıq keçmiş nəslə mənsubdur. Beləliklə, gələcək nəslin tənqidin müəllifinə ədavət bəsləməsinə, inad və tərslik üzündən onun sözlərinə əməl etməməsinə heç bir səbəb yoxdur. Çünki müəllifin istehzası və eyib tutması onun öz müasirlərinə aiddir; gələcək nəslə əsla dəxli yoxdur. Buna görə də onlar təəssüf edəcək ki, müəllifin müasirləri və pis əməlləri və yaramaz hərəkətləri onun e’tirazına, irad tutmasına, istehzasına layiq olmuşlar. Bunun nəticəsində də onlar öz işlərində və əməllərində müəllifin müasirlərinin pis əməlləri və yaramaz hərəkətlərini təqlid etməyib, müəllifin dediklərini hər cəhətdən haqlı bilərək, onları canla-başla qəbul edəcəklər. Bu qeydin əlavəsini də Mirzə Yusif xana yazmaq lazımdır; bu qeydin əlavə əlaməti Xızrın nağılı zikr olunan qeydin sonundadır. Əgər bizim alimlərin e’tiqadına görə bu Xızr həmən adamdır ki, Allah Qur’anda onun haqqında xəbər verir və həzrət Musa ilə yoldaş olmuşdur, həm də yoldaşlığı zamanı bir mə’sum uşağı günahsız yerə öldürərək, belə fitva vermişdir ki, guya uşağın ata və anası çox yaxşı adam olmuşlar, ancaq bu yazıq uşaq böyüdükcə üsyana və küfrə səbəb olacaqdır. Bununla da öz ata-anasının ruhunu incidəcəkdir... Ona görə də qətli vacibdir. Belə isə Xızr nəinki səfehdir, bəlkə də onu divanə hesab etmək lazım gəlir. Ağıllı və rəhmli bir insan hansı əqli və nəqli dəlillərə əsasən, bu zalimin öldürdüyü kimi bir mə’sum uşağı bu cür mə’nasız fitva ilə öldürə bilər? Lakin mən bir şeyə təəccüb edirəm ki, bizim Allah bu əhvalatın yaramazlığından sərf-nəzər edib, həmin cinayəti bu qatilin vəsfində xəbər verir. Görünür ki, Allahın özü də elə zənn edir ki, onun bəndəsi olan bizlərin beynində zərrə qədər idrak qüvvəsi yoxdur... Haqqı vardır. Artıq nə deyim ki? Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır: Əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlədən inciyir ki, öz fikirlərini acı dil ilə ifadə etmişdir. Belə isə, bəs nə üçün Kəmalüddövlə ona çox acıqlı cavab yazan və onu gicbeyin hesab edən Cəlalüddövlədən incimir? Bəs nə üçün o, əsərlərinin üzünü köçürən və şəriətmədarlardan birinə yazdığı məktubunda Kəmalüddövləni “zındıqi-mülhid” və “Övrəng Zibin naxələf övladı” adlandıran, onun əsərlərini hərzə-hədyan hesab edən adamdan incimir? Bu kimi istehzalı və tə’nəli e’tirazları yad adamlardan eşitmək ağır və çətindir. Lakin dostlardan eşitmək insanın qəlbini kədərləndirməməli, incitməməli və onda ədavət və bədxahlıq hissi oyatmamalıdır. Tənqidin qaydası budur. Tənqid islam xalqlarının yazılarında təzə-təzə tətbiq olunur. Qoy Kəmalüddövlənin fikirlərini rədd edən ağıllı və mə’rifətli adamlardan birisi, istər İran dövlətinin siyasi işlərinə dair və istərsə də dini məsələlərə dair, ona özünün işlətdiyi kimi acı və istehzalı sözlərlə tənqid və cavab yazsın. Kəmalüddövlə bu cəzanı qəbul edər. Lakin heç kəsin onun əsərlərinin fikrini dəyişməyə, onları duzsuz, məzəsiz və quru bir şəklə salmağa ixtiyarı yoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, bundan sonra onları dəyişdirməyin heç bir faydası yoxdur. Çünki əsərin bir çox nüsxələrdən ibarət üzü köçürülmüş və olduğu kimi hər yerdə yayılmışdır. * * * Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır: Əzəmətli ağam! Filan ilin filan ayında mən öz böyüklərimin icazəsilə yüksək İran dövlətinin baş konsulu vasitəsilə özümün sabiq əlifba layihəmdən bir nüsxə və cənab Ruhül-qüdsün əlifba layihəsindən bir nüsxə nəvvab, əşrəf, əmcəd, yüksək nəsəbli şahzadə, maarif naziri Əliqulu Mirzəyə göndərərək, onun bu məsələni Maarif Nazirliyində nəzərdən keçirib, öz rə’yi və təsəvvürünün nəticəsini mənə yazmasını xahiş etmişdim. O vaxtdan indiyə kimi bu xüsusda Maarif Nazirliyindən cavab gəlmədiyi üçün bu qərara gəlmişəm ki, yazılarımı Maarif Nazirliyindən geri istəyim. Lakin bu işə iqdam etmədən əvvəl, sizə məsləhət üçün müraciət edib, soruşuram ki, nazir cənablarının xətrinə dəyməmək üçün mən bu tələbimi Maarif Nazirliyinə nə şəkildə yazmalıyam?! Mirzə Yusif xana yazmaq lazımdır: Əzəmətli ağam! İranda babi məzhəbinin yolunu kəsmək üçün yeganə əlac, “Kəmalüddövlə məktubları”nın ideyalarını bütün xalq arasında yaymaqdan ibarətdir. Əks təqdirdə, bütün İran əhalisi babiməzhəb olacaq, Qacar sülaləsinin səltənəti isə zəvala uğrayacaqdır. * * * “Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti Mərhəmətli cənab Yakov Alekseyeviç! Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm. Əgər sizdən mə’lumat aldıqdan sonra mən sizin şərtlərinizə razılıq versəm, o zaman xahiş edirəm ki, hörmətli Vartanovun adına “cavab-qəbul” teleqrafla mənimlə müqavilənamə bağlanması haqda e’tibarnamə göndərəsiniz. Onu da nəzərdə tutun ki, mən bu kitabın fransız, alman və ingilis dillərinə də tərcümə edilməsini arzu edirəm və müəyyən şərt əsasında bu dillərdə tərcümələri Peterburqda çap etmək ixtiyarını da sizə verməyə hazıram. Odur ki, həmin kitabı göstərdiyim dillərə tərcümə etdirmək və sonra bir və ya bir neçə dəfə çap etmək üçün hansı şərtlər əsasında, ixtiyar almaq arzusunda olduğunuzu mənə bildirməyi sizdən xahiş edirəm. Əgər mən sizin göstərdiyiniz şərtlərə razılıq versəm, bu cavabı aldıqdan sonra xahiş edirəm ki, həmin kitabı ruscaya tərcüməsindən, dərhal göstərilən Avropa dillərinə tərcümə etmək üçün nəzərdə tutduğunuz mütərcimlərə sərəncam verəsiniz. Farsca orijinal mütləq çap edilməlidir. Əks təqdirdə, mən əsərin təkcə tərcümələrinin orijinalsız çap olunmasına icazə verə bilmərəm. Əsərin farsca orijinalı Rusiyaya tabe olan bütün müsəlman ölkələrində, o cümlədən ədəbi dili əsasən fars dili olan və yenicə Rusiyaya ilhaq edilmiş Orta Asiyada, habelə ingilislərin təsəllütü altında olan Hindistanın hər yerində, xüsusilə Bombey quberniyasında zərrə qədər çətinlik və təzyiqə rast gəlmədən satıla bilər. Ancaq onun İranda və Türkiyədə aşkar satılmasına ümid bağlamaq olmaz. Bu ölkələrdə onu tam inanılmış xüsusi adamlar vasitəsilə yaymaq olar. Müsəlmanların bu əsəri aşkar alıb oxumağa cəsarət etmədiklərini əvvəlcədən nəzərdə tutan müəllif bir növ hiylə işlədərək, öz kitabının başlanğıcında guya naşir tərəfindən yazılmış çox gözəl və aydın bir məktub yerləşdirmişdir. Bu məktubda başqa məsələlərlə yanaşı, müəllif “Kəmalüddövlə”yə qarşı onun müdafiəçisi olan dərin mə’lumatlı üləmanı və müsəlman ruhanilərini bu kitabın onların əllərinə keçən nüsxələrini yandırıb məhv etməkdən çəkinməyə çağırır. Müəllif onları inandırmaq istəyir ki, bu cür tədbirlərlə, əsərin milyonlarla nüsxəsi müxtəlif əllərdə olan Kəmalüddövlənin fikirlərinin kütlələr arasında yayılması yolunu zərrə qədər də olsun, bağlamaq olmaz. O həmin üləma və ruhanilərə məsləhət görür ki, bu allahsızın fikirlərinin tə’sirini və gücünü ağıllı və əsaslı tənqid vasitəsilə azaldıb məhv etsinlər. Nəşriyyatçı bu məktubunda yüksək məqam sahibi olan üləmanın belə bir tənqidi yazmağa böyük qabiliyyətləri olduğuna əmin olduğunu bildirir. O göstərir ki, müqəddəs imamlar dinin haqq olduğunu inkar edən dinsizlər və allahsızlarla apardıqları bir çox mübahisələrdə hərifin haqqında hər cür qəddarlıq etməyə qadir olmalarına baxmayaraq, özlərinin tam həlimliyi ilə yanaşı duran əsaslı təkziblərlə onların dəlillərini rədd edərək, dinsizləri və allahsızları tərksilah edib, yenidən müqəddəs dinin ağuşuna atmışlar. Əks təqdirdə, dəyərli tənqid olmadan, yalnız kobud söyüşlərlə Kəmalüddövlə əleyhinə başlanan tə’qib və ədavət, ancaq yüksək məqam sahibi olan üləmanın onun dəlilləri qarşısında acizliyini göstərər və nəzərdə tutulan məqsəd ələ gəlməz. Avropalı oxucular üçün bu məktubun heç bir əhəmiyyəti olmadığına görə, mən onu hələ tərcümə etməmişəm. Siz əsərin rusca nəşrinə öz tərəfinizdən müqəddimə əlavə edə bilərsiniz və onda göstərə bilərsiniz ki, islam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydliyi və e’tinasızlığının səbəblərini heç kəs başa düşməmişdir. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda sonuncu İran şahı Yəzdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir. Yalnız Kəmalüddövlə hazırkı əsrdə Firdovsinin fikrini başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir. Müqəddimədə habelə demək lazımdır ki, elə bir böyük siyasi və ya dini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış olsun. Tərcümədən aydın olduğu kimi, o, başqa məsələlərlə yanaşı, müsəlmanlara elə fikirlər aşılamağa çalışır ki, bu fikirlər avropalı oxuculara çoxdan mə’lumdur. Lakin avropalı oxucular bu fikirlərin əsərdə təkrarının yersiz olduğunu düşünməməlidirlər. Çünki bu kitab avropalılar üçün deyil, müsəlmanlar üçün yazılmışdır. Həmin fikirlər isə avropalılar üçün deyil, müsəlmanlar üçün tamamilə yenidir. Mütərcim isə onlar məhz ona görə tərcümədə saxlamağa məcbur idi ki, müəllifin öz xalqına nələri təbliğ etdiyinin avropalılar bilsinlər. Eyni zamanda, tərcümədən bunu da anlamaq olar ki, islamizmin bir çox sirləri bu günə qədər həm avropalıların, həm də müsəlmanların nəzərindən örtülü qalmışdır; yalnız bu kitabda oxuyarkən, həm müsəlmanlar islamizm haqqında tam aydın təsəvvür əldə edə bilərlər ki, indiyə qədər həm onlar və həm də bunlar üçün eyni dərəcədə namə’lum idi. Ola bilsin ki, bu əsərin bə’zi yerləri, sizin fikrinizcə, zəif görünsün. Ancaq siz onlara toxunmamalısınız. Birinci – ona görə ki, müəllif həmin zəif nöqtələr vasitəsilə bu əsər haqqında tənqid yazılmasını tə’min etməyi ürəkdən arzulayır. Çünki ancaq tənqid bu əsərin bütün dünyaya yayılmasına kömək edə bilər. İkinci – ona görə ki, bu zəif nöqtələr müəllifin sadəlövhlüyünü göstərə bilər ki, o, həmin vasitə ilə Avropanın dərin düşüncəli mütəfəkkir və filosoflarının hüsn-təvəccöhünü özünə cəlb etməyi nəzərdə tutur. Müəllif mütəfəkkir və filosof deyil, o, Avropa azadxahları (liberalları) ruhunda olan bir nəfər ziyalı müsəlmandır. Özü isə fars, ərəb və türk dilləri üzrə filoloqdur. Əsərin orijinalını çap etmək üçün mümkün qədər ən gözəl, aydın oxunan və iri şriftlər seçmək lazımdır. Haşiyələr isə orijinaldan kiçik, lakin aydın oxunan şriftlərlə yığıla bilər. Əsərin təshihi çox diqqətlə icra edilməlidir. Bilmirəm, xristianlardan farsca bilən elə bir adam tanıyırmısınız ki, təshih işini orijinala uyğun apara bilsin. Mən güman edirəm ki, bu kitabın və onun tərcümələrinin nəşrinə senzura ziddinə və habelə xristian dini əleyhinə bir kəlmə də yazılmamışdır. Bəlkə də, əksinə olaraq, mənim fikrimcə, bu əsər bizim hökumətimiz üçün eyni zamanda faydasız da deyildir. Çünki bu əsərin əvvəlindən sonuna qədər hər yerdə avropalıların yaşayış qaydaları, əxlaqı, insanpərvərliyi, ədalətliliyi, qanunları və ən’ənələri tə’riflənib, müsəlmanlar, arasında hökm sürən kobudluq, rəhmsizlik, əxlaqsıqlıq, vəhşilik pislənir. Bu o deməkdir ki, Rusiya torpaqlarında yaşayan müsəlmanlar, əgər “Kəmalüddövlə”nin ideyalarını mənimsəmiş olsalar, mütləq müsəlman despotlara qarşı nifrət edəcəklər... Bunu anladıqdan sonra rusların himayəsi altında canları, malları və namuslarının toxunulmazlığı tamamilə tə’min olunmuş müsəlmanlar ruslardan ürküb qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa düşərlər ki, özlərinin İrandakı və Türkiyədəki qardaşları acınacaqlı vəziyyətdə və dəhşətli ehtiyac içində yaşayırlar. Onlar rus xalqı ilə qaynayıb qovuşacaq və dini e’tiqaddan doğan fanatizm və müridizm əbədi olaraq onların arasından məhv olub gedəcəkdir. Kor-koranə fanatizmin təlqininə uyaraq, öz ruhlarını müsəlman sultanının hakimiyyəti altında yaşamaqla “bağışlatmaq” təmənnası ilə müsəlmanların Türkiyəyə köçüb getmək əhval-ruhiyyəsinə son qoyulacaq. Eləcə də, təkcə Qafqaz ölkəsində hər il milyonlarca pulun heç bir faydası olmadan göyə sovrulmasına səbəb olan Məkkə ziyarətinə meyl aradan qalxacaqdır. Qafqaz müsəlmanlarında savadlanmaq həvəsi, elmləri öyrənmək cəhdləri əmələ gələcək, onların əxlaq və tərbiyəsi yaxşılaşacaq, onların arasında oğurluq və müxtəlif cinayətlər, xüsusilə, çox zaman ehtiyac üzündən deyil, savadsızlıq və mədəniyyətsizlik üzündən “igidlik əlaməti” sayılan soyğunçuluq hadisələri azalacaqdır. İndiyə qədər əhalinin əksəriyyətini rus dilini öyrənməkdən çəkindirən ancaq dini əqidələrdir; ruhanilər xalqı inandırmaq istəyirlər ki, rus dilini öyrənmək günahların bağışlanmasına mane olur. Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüddövlənin ideyalarını mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, əksəriyyətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox sür’ətlə yayıla bilər. Çünki savadlı müsəlmanlardan bir nəfəri kitabı oxuyub mətləbi başa düşdükdən sonra, onun mündəricəsini şifahi surətdə nağıl etmək yolu ilə onun fikirlərini yüzlərcə öz həmvətənlərinə aşılayacaqdır. İndi hər hansı bir dinə, xüsusilə köhnəlmiş dinlərə qarşı dinsizcəsinə mühakiməyə olan həvəs o qədər güclüdür ki, əsəri oxuyan şəxsin onun məzmununu başqalarına söyləməsinin qarşısını ancaq inkvizisiya yolu ilə almaq ola bilər. Tezliklə siz görəcəksiniz ki, bu kitabın şöhrəti sür’ətlə İrana və Türkiyəyə yayılacaq, Qafqazdakı kitab satıcıları isə bu kitabın nüsxələrini göndərmək barədə həmin ölkələrdə yaşayan şəkkaklardan (dini şübhə ilə baxanlarda – Mütərcim) ardı-arası kəsilməz gizli sifarişlər alacaqdırlar. Mənim fikrimcə, təkcə Rusiya üçün deyil, başqa Avropa dövlətləri üçün də həm siyasi cəhətdən, həm də Şərqdəki insanlarla həmdərdlik nöqteyi-nəzərindən məktəblərdə oxuyan müsəlman yeniyetmələrini bu kitabın nüsxələri ilə təchiz etmək lazımdır və faydalı bir işdir ki, bu vasitə ilə onların şüurunda insanlıq vəzifələrinə və mədəniyyətə dair düşüncələri inkişaf etdirmək, onların avropalılarla, yə’ni xristianlarla yaxınlaşdırmaq mümkün olsun. Müəllif axirət haqqında düşünənlərdən deyil; o, bu kimi şeylərə heç bir əhəmiyyət vermir. O, ancaq o dinə üstünlük verir ki, insanı bu dünyada xoşbəxt və azad edə bilsin. Əgər mənim arzularıma rəğmən, senzura orijinalda, ya da tərcümədə bu və ya başqa bir dəyişiklik əmələ gətirmək fikrində olarsa, o zaman əsəri məndən aldığınız vəziyyətdə mənə qaytarmağınızı xahiş edirəm. Çünki mən heç bir dəyişikliklə razılaşa bilməyəcəyəm. Bir daha təkrar edirəm ki, mən bu kitabın müəllifi deyil, ancaq sahibiyəm. Ona görə də sizdən xahiş edirəm ki, istər orijinalda, istərsə də tərcümələrin hər hansında olursa olsun, mənim adımı çəkməyəsiniz. Çünki mən hal-hazırda savadsızlığı üzündən onun faydası üçün çalışdığımı başa düşməyən xalqımın qəzəb və ədavət hissini özümə qarşı çevirmək istəmirəm. Orijinalın müəllifi Kəmalüddövlə adlanır. Tərcüməçi üçün də özünüz bir təxəllüs düşünüb yazınız. Tərcümə çapdan çıxarkən, siz öz mülahizənizə görə onun mündəricəsinə uyğun sərlövhə tərtib edə bilərsiniz. Sizin sərlövhənizi fars dilini bilən bir adam özünüzün diktə etdiyiniz kimi, orijinal üçün də tərcümə edə bilər. Sonra həm orijinalın, həm də tərcümənin çapdan çıxmasına dair, oxucu kütlələrində əsərə maraq oyandıra bilən ifadələrlə bir neçə dəfə yazmağı, yə’ni, adətən sizdə mə’mul olduğu kimi, lazımi e’lanlar verməyi unutmayın. Orijinalın və onun tərcüməsinin nəşrini Kəmalüddövlənin, Cəmalüddövlənin, Firdovsi və sairə bu kimi məşhur adamların şəkilləri ilə, habelə əsərin mündəricəsinə görə özünüzün düşündüyünüz başqa təsvirlərlə, məsələn, minbər, vaiz və camaatın olduğu məscid təsviri, xüsusilə, belə bir səhnənin təsviri ilə ki, Ələmut meydanında Əla-Zikrihissəlam minbərin ətrafına müxtəlif rəngli dörd bayraq sancaraq, öz islahatları haqqında xalqa mə’lumat vermək üçün təntənə ilə minbərin üstünə qalxır; habelə peyğəmbərin “müqəddəs” sayılan övladına yas tutaraq, fəzanı hay-havarla doldurduqları mərasimin təsviri və sairə ilə bəzəməyi lazım bilirsinizmi? Məktubun sonunda hər cür təsadüfə qarşı sizə bunu da xatırlatmağı yersiz hesab etmirəm ki, əgər mənə mə’lum olmayan hər hansı bir səbəbə görə, bu kitabı və onun tərcüməsini nəşr etmək sizə mümkün olmazsa, bu xüsusda dərhal məni xəbərdar ediniz. O zaman mən onları Peterburqda göstərəcəyim şəxsə verməyinizi xahiş edərəm ki, o da əsərin nəşr edilməsini Peterburqda olan başqa bir nəşriyyatçıya təklif edə bilər. Səmimi ehtiram və sonsuz sədaqətlə sizə ixlası olan M.F.Axundzadə. 12 fevral 1875-ci il, Tiflis. * * * == Məktublar == Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifba Mayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı oktyabr, 1857 Mərhum atam Mirzə Məhəmməd Təqi məni səkkiz yaşında ikən məktəbə qoydu. Bir il mütəmadi məktəbə gedib əlifbanı oxudum və Qurani-məcidin son cüzündən bəzi surələri oxumağa başladım. Lakin bir hərf də tanımırdım. Birinci günlər zehnimin itiliyi sayəsində əzbərlədiyim hər bir şeyi sabahısı gün unudurdum. Nəhayət, oxumaqdan o qədər zəhləm getdi ki, təhsildən yaxamı qurtarmaq şərtilə hər cür ağır işə getməyə razı idim. Məktəbdən qaçdım və bir il azad gəzdim. Ondan sonra atam məni anamla bərabər, anamın əmisi mərhum Hacı Molla Ələsgərin yanına göndərdi. O, şəkili Səlim xandan sonra şirvanlı Mustafa xanın himayəsi altında yaşayırdı. Anam yenidən məni oxumağa məcbur etdi. Lakin mənim nifrətim həddindən artıq idi. Üç günlərlə qaçıb orada-burada gizlənirdim. Axırda məni tapıb oxutmağa başladılar. Axund Molla Ələsgər ağıllı və bilikli adam olduğundan məni çox incitmədi. O, son dərəcə yumşaqlıq və mehribanlıqla hərfləri mənə başa salıb, höccələmək qaydasını da öyrətdi. Beləliklə, az bir müddətdə Quranın hər bir surəsini oxumağa qadir oldum və üç ay ərzində Quranı bitirdim və oxumağa nifrət hissi tamamilə məndən uzaqlaşdı. Bundan sonra “Gülüstan” kitabını və tumarları oxumağa başladım. İlahi, necə deyim ki, mən elə bir xəttə və elə hərflərə təsadüf etdim ki, sanki onların mislini əvvəllər heç görməmişdim. Mərhum Axund tədris üsulunu yaxşı bildiyi üçün, məni həm də kəlmələrlə tanış etdi. Nəhayət, mində bir adamda tayı-bərabəri tapılmayan bu müəllimin səyi və can yandırmasına baxmayaraq, mənim oxumağı öyrənməyim yenə də üç-dörd il çəkdi. Məgər belə adamların sayı çoxdurmu ki, uç-dörd il səbr edə bilsinlər? Buna görədir ki, islam tayfaları arasında hər on min nəfərdən bir nəfər savadlı adam tapılmır. Qadınlar isə tamamilə savaddan məhrumdurlar. Uşaqlarımızın bir çoxu əvvəllər məktəbə həvəslə gedirlər. Lakin bir qədər oxuduqdan sonra təngə gəlib, məktəbdən qaçırlar. Məşhur alimlərimizin çoxu ərəbcə kitablardakı ibarələri oxuyarkən, səhv buraxmaqdan əmin deyildirlər. Mollalarımızın bəziləri ancaq ona görə şöhrət tapmışlar ki, onlar ibarələri yaxşı və düzgün oxuyurlar. Bunun nə mənası var? Nə üçün gərək biz bu kiçik iş üzərində bu qədər məəttəl olaq? Bu məəttəlçiliyin bütün səbəbi əlifbamızın nöqsanlı olmasıdır. Birinci, əlifbamızdakı hərflərin çoxunun şəkli eynidir və onlar bir-birindən nöqtələrlə fərqlənirlər. Bəzən elə olur ki, nöqtələr öz yerində qoyulmur və ya tamamilə unudulur. Hər iki halda təzə oxumağa başlamış uşaq hərfləri müəyyən etməkdə böyük zəhmət və çətinliyə düçar olur. İkinci, nəhvçilərin istilahında erab (hərəkə) adlanan sait hərflər sözün tərkibində yazılmır, ancaq ehtimal ilə təyin olunur. Bu vəziyyətin özü də yeni oxumağa başlayanların ən şiddətli çətinliyə düşməsinə səbəbdir. Üçüncü, bir neçə samit və bir neçə sait hərflər bizim əlifbamızda tamamilə yoxdur, lakin dilimizdə deyilir. Samit hərflərdən biri gaf (g) hərfidir ki, “gərd”, yəni toz və “gürd”, yəni pəhləvan bu hərf ilə yazılır. Əcəm gafı (g) olan bu hərfi ərəb kafı (k) ilə yazırlar ki, (“kərd”) (etdi) sözündə feldir. Bir də əcəm kafı ilə türk dilindəki nun (n) hərfi arasında xüsusi bir hərf vardır. Məsələn, “könül” –, yəni – ürək və – yəni sənin və bu kimi kəlmələrdə osmanlılar onu nuni-səğir adlandırırlar. Bunun əvəzində də ərəb kafı “k” yazılır. Bu isə oxucunun birinci vaxtlarda səhvlər buraxmasına səbəb olur. Sait hərflərdən, yəni hərəkələrdən a, u, i hərflərindən başqa heç birisinin şəkli əlifbamızda yoxdur. Lakin dilimizdə onun dörd qismi mövcuddur. Məsələn, “şuriş” (qiyam) kəlməsindəki bir u, türk dilində – yəni oldu, – yəni öldü, – yəni üzüm. Beləliklə, burada üç cür (u) vardır ki, hər üçü “şuriş” kəlməsində olan (u)-dan başqadır və bunların hər birisi oxunan zaman biri digərindən fərqləndirilməlidir. Dördüncü, təyin olunan erablardan (hərəkələrdən) fəthə ilə kəsrə arasında bir səs də (e) vardır ki, dilimizdə mövcuddur. Məsələn, “mey” (şərab) və “peyda” (aşkar) kəlmələrində birinci hərfdən sonra gələn hərfdir ki, “beş” və “gec” kəlmələrində də eyni səs mövcuddur; lakin əlifbamızda bu səs yoxdur. Xülasə, əgər düzgün diqqət yetirsəniz, biz kəlmələri hərflərin vasitəsilə deyil, bəlkə də vərdişə görə və kəlmələrin görünüşü əsasında Çin xalqı və qədim misirlilər kimi oxumağa qadir oluruq. Nə qədər qiymətli vaxtımız bu vərdişi öyrənmək üçün zay olur. Bununla bəra-bər, dilçilərdən başqa bizə ərəbcə kitabları oxumaq və faəl-fel və eynəlfel erablarını qavramaq istənildiyi qədər müyəssər olmur. Bu vəziyyət olduğu kimi qala bilməzdi. Çünki bu, həqiqətə və təbiətə müxalifdir. Heç olmazsa, islam yazısının əlifbasında 500 ildən sonra, gələcək padşahlar zamanında da olsa, bir yenilik yaratmaq lazım gəlirdi. İslahat aparmaq zəruri idi. Lakin mən əlifbanı təzələmək işində qabağa düşdüm və bütün qeyd edilən çətinlikləri aradan qaldırdım. Yeni əlifbanı oxuyarkən, görəcəyiniz kimi, onu təzələməyin səbəbi o qədər aydındır ki, izaha ehtiyac yoxdur. Ancaq bunu demək kifayətdir ki, bu yeni əlifba vasitəsilə bütün islam tayfaları az bir zaman içərisində öz dillərində oxumaq və yazmaq imkanına malik olacaqlar. Xüsusilə qadınlar ancaq bu yeni əlifba vasitəsilə savad öyrənməyə qadir olacaqlar. Lakin bu yeniləşdirmə ancaq o zaman fayda verə bilər ki, islamın şövkət sahibi olan tacdarı və böyük bir ölkənin sahibi onu öyrənmək barədə öz hümmətini sərf etmiş olsun. Ona görə də mən bu yeni əlifbanı dövləti-əliyyeyi-Osmaninin başçılarının nəzəri-diqqətinə çatdıraraq, xahiş edirəm ki, onu Cəmiyyəti-elmiyyənin məşvərət məclisində nəzərdən keçirsinlər. Əgər mənim gətirdiyim dəlillər məşvərət məclisi üzvlərinin nəzərində ağlabatan görünərsə, belə bir qərar qəbul etsinlər ki, yeni əlifba çap olunsun və islam tayfaları arasında yayılsın, məktəblərdə keçmiş əlifba ilə bir sırada onu öyrənməyə səy etsinlər. Bu yeniləşdirmədən məqsəd, keçmiş yazı qaydalarını dəyişdirmək deyildir. Çünki bu iş çoxlu maneələrin mövcud olması sayəsində qeyrimümkündür. Məqsəd ancaq bundan ibarətdir ki, bu yeni əlifba da islam xalqları arasında mövcud olan müxtəlif xətlərdən biri sayılsın. Ona görə ki: Birinci, əhalinin bəzi təbəqələri keçmiş yazının çətinliyi üzündən, maddi imkanın olmaması, uzun müddət vaxt sərf edə bilməmək nəticəsində onu öyrənmək imkanından məhrum olduqlarına görə, bu yeni əlifba ilə savad öyrənib öz məişət işlərini idarə edə bilsinlər; İkinci, xarici dillərdən islam xalqları dillərinə tərcümə edilmiş bəzi kitablarda yerlərin, ölkələrin adları, tibbi istilahlar və sairə bu kimi sözlər keçmiş yazımızla aydın ifadə olunmur. Həm də lüğət kitablarımızda kəlmələrin oxunmasının üsulu köhnə əlifbamızla aydınlaşdırıla bilmir və buna görə də həmin kitablar bu yeni əlifba ilə çap edilə bilər. Tamamilə yəqinimdir ki, bu cür yeniləşdirmə şərafətli şəriətə zidd olmayacaq və hörmətli ruhanilərimiz də onu öyrənməyə mane olmayacaqlar. Ona görə ki, bir neçə yüz il bundan əvvəl kufi xətti dəyişdirilmişdir və ruhanilər də bu dəyişikliyə razılıq vermişlər və ümid edirəm ki, onlar bu yeni əlifbanın əski əlifba ilə yanaşı öyrənilməsinə də razılıq verəcəklər. Xüsusilə ona görə ki, bütün xalq kütlələri bu yeni əlifbadan faydalanacaqlar. Hörmətli ruhanilərimiz, heç şübhəsiz ki, indiyə qədər qaranlıq və məlumatsızlıq dənizində qərq olub, ruhani ləzzətdən məhrum qalan yazıq savadsızların halına ürəkdən yanacaqlar. Onlar bilirlər ki, bu kütlələr nə keçmişdən xəbərdardırlar, nə də gələcəyi dərk edirlər, ancaq gözləri ilə görüb, qulaqları ilə eşitdiklərini bilirlər. Buna görə də islam xalqları elmlər və sənətlər sahəsində inkişaf etməyib, gündən-günə tənəzzülə uğrayıb geridə qalırlar. Bundan başqa, müqəddəs islam dininin ardınca gedənlər savadsızlıq nəticəsində dini məsələləri bilməkdən və özlərinin şəriət vəzifələrini başa düşməkdən acizdirlər. İngiltərə ölkəsində məşhur bir sənət vardır ki, ona stenoqrafiya deyirlər. Bu isə sürətlə yazmaq sənətidir. Bu sənətin şərtlərindən biri də odur ki, kəlmələrin hərfləri belə şəklə malik olmalıdırlar ki, onları yazarkən qələm, kağızın üzərindən götürülmür və bir dəfə dolanmaqla onların hamısını yazıb qurtarır. Demək, təsdiq olunur ki, yazı yazarkən qələmi kağızın üzərindən götürmək bu işin gecikməsinə səbəb olur. Keçmiş islam yazısında hərflərin çoxunun nöqtəsi vardır ki, asan oxumaq xatirinə bu nöqtələri qoymaq vacib sayılır. Lakin o nöqtələrin hər birisini qoymaq üçün qələm kağızın üzərindən götürülür. Ona görə də yeni əlifbada yazı işinin gecikməsini aradan qaldırmaq həm də bəzi kəlmələrin biri digərinə oxşarlığını rəf etmək üçün nöqtələri tamamilə atdım və hər bir səs üçün xüsusi bir əlamət tapdım ki, onun vasitəsilə başqasından fərqlənəcəkdir. Nöqtələr aradan qaldırıldığı halda, hərflərin sayının erablar hesabına bir qədər artırılması mümkün hesab edilməlidir. Xüsusilə ona görə ki, bu işdə bütün hərflərin şəkillərinin ancaq qələm bir dəfə hərəkət etməklə yazılıb qurtaracağı nəzərdə tutulmuşdur. Yeni əlifbada, heç bir kəlmədə erabın ehtimal ilə təyininə qətiyyən yol verilməmişdir. Onların hamısı gərək əlaqədar samit hərflərin yanında yazılsın. Erabın, yəni saitlərin yazılması hesabına sözlər bir qədər uzun nəzərə çarpacaqdır. Lakin bu işdə olan böyük faydanın yanında bunun o qədər də zərəri yoxdur. Xüsusilə ki, mətbəələr kitabları əl ilə köçürmək zəhmətini aradan qaldırmışdır. Avropalıların dillərində yazılan kəlmələrin uzunluğu buradakından iki dəfə artıqdır. Onların bir çoxu o qədər uzundur ki, əgər onları aydın xətlə yazsalar, bir səhifə kağızın eni o kəlmələrdən birini yazmaq üçün darısqallıq elər. Erabın yazılması hesabına sözlərin yazıda uzanması müqabilində yazı üsulunu tamamilə dəyişdirmək lazımdır ki, yazıda ixtisar və asanlaşma əmələ gəlsin. Məsələn: Birinci, hər kəsin haqqında olan ləqəbləri bir-iki kəlmədən artıq yazmamalı; İkinci, bir mənanı və ya bir mətləbi sinonim sözlərlə və ya müxtəlif ibarələrlə təkrar etməsinlər; Üçüncü, məktublarda özlərini və müxatəbi qayib şəxs məqamında yazmasınlar. Çünki bu təbii vəziyyətin ziddinə və yazıda aydınlığın əleyhinə olan bir işdir. Doğrudur, belə bir dəyişiklik əvvəllər qəribə görünəcəkdir. Lakin bu, adət şəkli aldıqdan sonra qəribəlik aradan çıxacaqdır; Dördüncü, nəsr yazılarında qafiyəyə əhəmiyyət verməməlidirlər. Çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənilir və vacib olmayan mənalar meydana çıxır. Bu üsul bizə ərəblərdən yadigar qalmışdır. Lakin bu aydın bir səhvdir, onu yazıda gözəllik şərtlərindən saymaq olmaz. Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun; Beşinci, adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər. “Tarixi-vəssaf” kitabının müəllifi Sultan Məhəmməd Olcaytunun hüzuruna daxil olub, dua söyləməyə başladı. O, duasını bitirdikdən sonra Sultan məclisdəkilərə müraciət edib buyurdu: “Bildim ki, dua edir, amma nə dediyini anlamadım”. Bu cür yazı, istər nəzmdə olsun, istərsə də nəsrdə, sadəcə cəhalət əlamətidir. Bu qaydaya əməl edən yazıçılardan heç birisinin əsərləri islam ölkələrində tam şöhrət tapmamış və onlardan bir çoxu tamamilə unudulub, tərk edilmişdir; Altıncı, qeyri-uyğun təşbihlər və mübaliğələr tamamilə tərk edilməlidir. Məsələn: Tərcüməsi: Fələk deşən nizəsinin qorxusundan yüksək fələk qarnını özünə (tərəf çəkib) oğurlayıbdır. Mirzə Mehdi xanın “Tarixi-Nadir” kitabında olduğu kimi, föhrüst əvəzinə “bəraətül-istehlal” ləfzini işlətməsinlər. Çünki bu mənasız işdir. Yeddinci, yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməsinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində biri digərinin ardınca və qarışıq yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin əksinə olaraq hər bir mətləbi ayrıca ifadə etsinlər ki, danışıq dilinə yaxın olsun... * * * Diplomatik dəftərxananın müdiri Xvostova Zaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il 1835-ci ilin əvvəlindən mən Zaqafqaziya ölkəsi Baş idarəsi dəftərxanasının tatar (Azərbaycan – H.M.), türk, fars, ərəb dilləri mütərcimi vəzifəsində olduğum müddətdə bilavasitə mənə aid olan işlərdən əlavə, Qafqaz korpusu qərargahından və başqa yerlərdən, eləcə də Zaqafqaziya ölkəsi Baş idarəsinin diplomatik dəftərxanasından zikr olunan dillərdə göndərilmiş məktubları tərcümə etmişəm. Tərcümə etdiyim bu dəftərxanaların işlərinə aid sənədlər, müxtəlif yazılı aktları istisna etməklə, xarici dövlətlərin yüksək rütbəli məmurları, ələlxüsus Azərbaycan və Ərzurum hakimləri, sərəskərləri və onun tabeliyində olan paşalarla yazışmalardan ibarət olmuşdur. Həm də bu sonuncularla yazışmanı mən yalnız diplomatik dəftərxananın türk dili mütərcimi olmayan vaxtlarda tərcümə etmişəm. Bu dəftərxanaların mənə həvalə etdikləri bütün tərcümə işlərini, üstündən müəyyən zaman keçdiyinə görə, mən xatırlayıb müəyyənləşdirə bilmirəm. Onlardan gözə çarpanları bunlardır: Mən 1841-ci ildə türk sultanlarının mitropolit tərəfindən verilmiş fərmanlarını, Suriya patriarxının göndərdiyi və bu sonuncunun ərəb dilində olan məktublarını tərcümə etmək üçün bu dəftərxanaya ezam edilmişəm; Yaxın keçmişdə də İran şahı və onun yüksək rütbəli başçılarına yazılmış məktubları tərcümə etmək üçün oraya ezam edilmişdim. Bu məktublar mənim tərəfimdən tərcümə edilmiş və Abbasqulu ağa Bakıxanov tərəfindən təsdiq edilmişdir; Bu yaxınlarda da mən türkmən ağsaqqalı Yaxşı Məhəmmədxanın oraya təqdim etdiyi üç fərmanını tərcümə etmişəm. Keçən il kontr-admiral Putyatinin məiyyəti ilə fars dili mütərcimi sifəti ilə İran şəhəri Astrabada ezam edilmişdim. Orada mən yazılı və şifahi tərcümə sahələrində öz vəzifəmi yerinə yetirdim. Həmin ekspedisiya Xarici İşlər Nazirliyinin göstərişi ilə olduğuna görə, yazışma diplomatik dəftərxana vasitəsilə davam etmiş, ona görə də, demək olar ki, bu təqdirdə bu dəftərxana tərəfindən məzkur kontr-admiralın yanına ezam edilmişəm. Bu yazılı ərizəni Zaqafqaziya baş idarəsi dəftərxanasının direktoruna verməkdən məqsədim diplomatik dəftərxana xətti ilə mənim zəhmətimə qiymət verilməsidir. Onun da səbəbi bundan ibarətdir: Mən Nuxada doğulmuşam, Tiflisdə evim yoxdur; mənim 7 başdan ibarət ailəm Nuxadadır. Tiflisdə olan məlum bahalığa görə indiki maaşla ailəmi buraya köçürmək və idarə etməyin bu yaxınlıqda mümkün olmadığını nəzərə alıb, 10 dekabr 1839-cu ildə təsdiq olunmuş təlimata görə bir neçə vaxta qədər diplomatik dəftərxana üçün fars və tatar (Azərbaycan – H.M.) dilləri üzrə mütərcim yeri ayırmaq lüzumunu başçılara təklif etməyə haqlı deyildim. Mən kollegiya müşaviri Vasilevskidən xahiş etdim ki, sizə müraciət edib bu mütərcim vəzifəsini onun maaşını verməklə mənə tapşırsınlar. Beləliklə, mən ailəmlə birlikdə təminat əldə etməklə daimi olaraq Tiflisə köçüb əlahəzrət imperatora xidmətimi davam etdirərdim. İndi isə sizə şəxsən bu xahişlə müraciət edirəm: indiyədək sizin nəzərinizi daim cəlb etdiyimə və dəfələrlə – tərcümələrdə mənə arxalanmaq olar – dediyinizə əsaslanaraq bu vəziyyəti əlihəzrət Aleksandr İvanoviçə çatdırıb, diplomatik dəftərxanada fars və tatar (Azərbaycan – H.M.) dilləri mütərcimi vəzifəsinin mənə tapşırılması haqqında təklif irəli sürəsiniz. Rəyasətin mənə belə diqqətli olması müqabilində söz verirəm ki, oranın türkcə mütərcimi olmayan vaxtlarda mən bütün sənədləri tərcümə edəcəyəm. Praporşik M.F.Axundzadə * * * Baş İdarə dəftərxanasının direktoru Vasilkovskiyə Zaqafqaziya ölkəsi baş idarəsi dəftərxanasının direktoru Vasilkovskiyə Praporşik M.F.Axundzadənin məlumat vərəqəsi 31 iyul 1843-cü il Mülki idarənin zati-ali rəisindən “Şərayeül-islam” kitabını ruscaya tərcümə etmək üçün alıb tanış olduqdan sonra zati-alinizə aşağıdakıları bildirmək məcburiyyətindəyəm: Birincisi. Bu kitab ərəb dilində yazılmışdır. Onun üslubu yalnız sözlərinin mənasına görə çətin olmaqla qalmır, ruhani dildə yazılmış bu və bunun kimi kitabların üslubunun tamamilə xüsusi şəkli və xüsusi xassəsi vardır ki, yalnız ruhani idarənin birinci dərəcəli alimləri ondan baş çıxara bilərlər. Bu alimlər özlərini ruhani rütbəyə həsr etməklə əvvəlcədən o kitablar haqqında məlumat əldə edir və onları əvvəldən axıradək dərslərində oxuyub öyrənirlər. İkincisi. Bu kitab dini qanunları əhatə edir. Misal üçün, gündəlik namazı qılmaq, təharət almaq, kəbin kəsmə mərasimində, ölünün dəfnində, Məkkəni və Məhəmmədin qəbrini ziyarət etdikdə icra olunan ayinlər, eləcə də çöl və dəniz heyvanlarından xörək hazırlanan vaxt riayət olunmalı təlimat və ruhanilər tərəfindən dünyəvi qanunlar adlanan, nikah əsnasında qoyulmuş şərtlər, mülk-mal bölgüsü qaydaları və s. Adı çəkilən kitabın indiki şəklində rus dilinə tərcüməsi zamanı öhdəmə qoyulmuş vəzifənin icra olunmamış qalmasını əsla istəmədiyimə görə hüzurunuza ərz etməliyəm ki, əgər rəyasətə bu kitabın bütün duaları və dini mərasimi ilə birlikdə və ya onlar istisna olmaqla rus dilinə tərcüməsi lazımsa, onda gərək əvvəlcə onu ruhani idarədə işləyən alim bir şəxs asan anlaşılan üslubda fars dilinə tərcümə etsin, yalnız bundan sonra onu rus dilinə tərcümə edə bilərəm. Üçüncüsü. Müsəlmanların şəriət qanunlarına aid kitabları çoxdur. Onların hamısı ərəb dilində ən mürəkkəb üslubda yazılmış, həm də ruhani mərasim mülki qanunlardan ayrılmayıbdır. Buna görə də əgər rəyasətə yalnız bu sonuncular haqqında məlumat lazımdırsa, onda Tiflis axunduna müraciət edib müsəlman ruhani idarəsinin ən alim üzvləri tərəfindən o kitablardan yalnız mülki qanunlar çıxarılıb, anlaşılan üslubda fars dilinə tərcümə edilməli, mükəmməl xüsusi bir kitab tərtib edilməlidir. Onda bu heç bir çətinliyə rast gəlmədən rus dilinə tərcümə olunub hər halda əldə rəhbər tutula bilər. Belə bir kitab tərtib olunandan sonra, əlbəttə, onun həqiqətən şəriətə aid məxəzlərdən əxz edilib-edilməməsi mötəbər şəxslər tərəfindən təsdiq edilməlidir. Belə olmasa, göstərilən səbəblərə görə, hazırda müsəlmanlar arasında mövcud şəriət kitablarının heç birisi rus dilinə tərcümə zamanı qarşıya çıxan çətinliklər üzündən gözlənilən faydanı tam şəkildə verməyəcəkdir. Nəhayət, deyilənlərə onu da əlavə etməliyəm ki, ümumiyyətlə, adı çəkilən bütün bu kitablar peyğəmbərin özü və ya onun ardıcılları tərəfindən yazılmamışdır. Onlar da müxtəlif vaxtlarda müsəlman başçıları və ya ruhanilərinin ehkamı kimi müxtəlif ruhanilər və şəxslər tərəfindən kitablardan və peyğəmbərin hədislərindən və Qurandan alınıb tərtib edilmişdir. Praporşik M.F.Axundzadə * * * Qafqaz Canişini dəftərxanasının direktoru M.P.Şerbininə Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis Qafqaz canişini kimi yüksəkməqamlı bir cənabın Şərq dilləri mütərcimi vəzifəsində çalışmağım tələb edir ki, yaxşı geyinim, özümü və ailəmi, heç bir ehtiyac və məhrumiyyət hiss etmədən dolandıra bilim. Əks təqdirdə, şəhərin belə bir bahalıq şəraitində, ruhi həyəcan keçirmədən, məndən əvvəl hökumət tərəfindən layiqincə təmin olunmuş ştabs-zabit Abbasqulu ağa Bakıxanov, Mirzəcan Mədədov və Şamirxan Bəylərovun yerinə yetirdikləri işin öhdəsindən gəlmək mümkün ola bilməz. İranda külli miqdarda olan ata malımın İran şahzadəsi Abbas Mirzə tərəfindən zəbt edildiyindən indi mənim heç bir xüsusi gəlirim yoxdur. Tikinti komissiyası borcu ilə tikdirdiyim ev mənə nəinki heç bir fayda gətirmir, hətta maaşımdan ildə 300 gümüş manat dövlət xəzinəsinə verməli oluram. Ona görə də qalan maaşım 12 başdan ibarət olan ailəmin ən aşağı səviyyədə yaşaması üçün zəruri ehtiyacımı ödəmir. Həyatın zəruri vasitələrinin çatışmazlığı üzündən ağır və çətin vəziyyətdə olduğuma görə mən iki il bundan əvvəl rəyasətdən xahiş etdim ki, mənə Sartacal məntəqəsindəki xəzinəyə aid Qaracalar və Təklə kəndlərindən Ağalar hüququ əsasında iki kiçik torpaq sahəsi verilsin. Müqavilə üzrə Ağalar işlərinə aid sənədləri uzun müddət tərcümə etdiyimə görə layiq olduğum belə bir mükafat mənə qismən bir dayaq ola bilərdi. Lakin knyaz Canişin bu xahişimi münasib görməyib, buyurdu mənə bildirsinlər ki, mənim əməyim başqa tərzdə maddi yardımla qiymətləndiriləcəkdir. Mən Siz zati-aliyə şifahən ərz etdim ki, maaşımdan xeyli artıq olan adi ev xərclərindən əlavə mən hər ay 15 və ya 20 gümüş manat yalnız faytonçulara verirəm, yoxsa çox vaxt xidməti vəzifəmə görə getməli olduğum yerlərdə vaxtlı-vaxtında hazır ola bilmərəm. Maddi vəziyyətimin qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur edir, səhhətimi pozur və məni hətta bir çox faydalı işlərlə məşğul olmaq imkanından məhrum edir. İndi bu namünasib vəziyyətdən çıxmaq üçün zati-alinizin himayəsinə ümid bəsləyərək sizdən acizanə xahiş edirəm mənim maaşıma ildə ən azı 500 gümüş manat artırılmasını knyaz Canişindən xahiş edəsiniz. Bu məbləğin bir hissəsini mülki dəftərxana, bir hissəsini diplomatik dəftərxana fars dili mütərcimi üçün ştat üzrə nəzərdə tutulmuş 200 çervondan ödəsinlər, o vəsaitdən ki, hazırda mənə ondan 80 çervon verilir. Xahiş etdiyim əlavəni mənim maaşımın üstünə gəldikdə 1500 gümüş manat eləyir ki, müsəlmanlardan olan ən kiçik mütərcimlər bu məbləği İrandakı konsulxanalarda alırlar. Bu isə məni çətinlikdən və çıxılmaz vəziyyətdən qurtarıb, məndə yaranan təşəkkür hissləri məni daim öz səyli xidmətimlə zati-alilərinin mərhəmətini doğrultmağa təşviq edər. Poruçik Mirzə Fətəli Axundzadə * * * Canişin dəftərxanasının müdiri M.P.Şerbininə Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur. Bu səbəbləri və bizim bütün işin tamamilə açıldığını, əsas müqəssirlərin və onların əlaltılarının, demək olar, hamısının danışdırıldığını, onların hər birisinin bizə aid olan işin bütün təfərrüatının öyrənildiyi barədə könüllü etirafını, xüsusilə mütəxəssis və hətta etibarlı mütərcimə ehtiyac qalmadığını və Zaqafqaziya Baş idarəsi mütərciminin olmasını tələb edən heç bir çox mühüm və zəruri dövlət sirri və işi olmadığı üçün mən Pyotr Martınoviçdən xahiş etdim ki, zati-alinizin icazəsi ilə mənim Tiflisə gəlməyimə razılıq versin. Lakin o, mənim səhhətimin doğrudan da pozulduğuna şübhə etdiyi və uzunmüddətli ezamiyyətdən və qurtarmaq bilməyən istintaqdan yaxamı qurtarmaq istədiyimi düşündüyü üçün (bu isə hər bir kəsə doğru görünə bilər) mənim xahişimlə razılaşmadı. Ona görə də mən zati-alilərinizin mərhəmətinə sığınıb acizanə xahiş edirəm, mənim Tiflisin özündə də faydasız olmayan həyatıma rəhminiz gəlsin. Orada mən Canişinin mülki və diplomatik dəftərxanalarına hər gün lazım oluram. Halbuki, hazırda mənim Pyotr Martınoviçin yanında gördüyüm işi qəza idarələrindəki çoxlu mütərcimlərdən hər bir adi mütərcim görə bilər (ona görə ki, bu yerlərdə hər bir dəftərxana işçisi və katibi azərbaycanca bilir). Zati-alinizi cəsarətlə əmin edirəm ki, heç bir mütərcim, ya buralı olsun və ya çinli, Pyotr Martınoviç kimi adama kələk gələ bilməz; o hər bir işi öz istədiyi kimi edə bilir. Əgər zati-aliniz mənim Tiflisə buraxıldığım haqqında onun razılığını istəsəniz, mən onun qələminə və ağlına bələdəm: o istəməsə, fikirləşib elə səbəblər tapar və sizə bildirər ki, siz zati-aliləri mənim xahişimi yerinə yetirmək işində müşkülə düçar olarsınız... Mənim burada artıq bir işim yoxdur, yalnız iqlim şəraiti və bizim dustaqların zıqqılığı məni əldən salır və ruhi dincliyimi sarsıdır. Tatarlar (azərbaycanlılar – H.M.) başqa mütərcimə əyilməzdilər, Ancaq onların mənə yolu var. İşin əvvəlində bu faydalı idi, indi isə tamamilə lazımsız və dözülməzdir. Mən hələ Pyotr Martınoviçin etibarını itirməmişəm, təkcə o mənim buraxılmaq haqqında xahişimdən narazıdır, bunu sadəcə işdən boyun qaçırmaq hesab edir. Ancaq, zati-ali, Allaha, bizim Qurana, peyğəmbərə and içirəm ki, bu qaçmaq deyildir, bu xahiş etməyə məni xəstə vəziyyətim vadar edir... Mən sizə hədiyyə olaraq ucaməqamlı knyaz Canişinin orada olduğum vaxt, avqustun 18-i və ya 19-da İran konsulunun evində mənə lütfən etdiyi təklifi yerinə yetirib, bu günlərdə burada yazdığım iki komediyanı gətirəcəyəm. Bu komediyalardan biri, ümid edirəm, zati-alinizin xoşuna gələcək və camaatı şad edəcəkdir. Poruçik Mirzə Fətəli Axundzadə * * * Qafqaz Canişini dəftərxanasının direktoru A.F.Kruzenşternə Kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin. O vaxt bu komediyalar rus dilində çap olunub satışa buraxıldı. Alihəzrət knyaz Aleksandr İvanoviçin canişinliyi vaxtında mən “Mürafiə vəkilləri” komediyası və “Aldanmış kəvakib” povestini yazdım. İndi bu iki əsəri təqdim etməklə rica edirəm bu haqda Aleksandr İvanoviçə məlumat verib xahiş edəsiniz öz böyüklüyü ilə mənim ədəbiyyat aləmində birinci hamimi əvəz etsin, bu yeni əsərlərimi ona ithaf etməyimə icazə versin, həm də xəzinə hesabına, qaytarmamaq şərtilə, onların rus dilində çap olunması barədə dəftərxanaya göstəriş versin. Eləcə də bunlar əvvəlki beş komediyanın tatar (Azərbaycan – H.M.) dilində tərcüməsi ilə birlikdə 1500 nüsxəyə qədər çap edilsin, ölkə daxilində rəislərə döndərilsin, könüllü şəkildə alınması varlı müsəlman bəyləri, tacirləri və bütün millətlərdən olan məmurlara təklif olunsun... Mən özüm əsərlərimi tərifləyib öyünə bilmərəm, lakin müsəlmanlar arasında birinci olaraq yalnız avropalılara məlum olan əsərlərlə tanış olduğum və həmvətənlərimi onlarla tanış etdiyim üçün fəxr etməyə cəsarət edə bilərəm. Mənim komediyalarım müsəlmanlar arasında yayılarsa, onların əxlaqının yaxşılaşmasına səbəb olar, məni belə bir ədəbi növə sövq edən yüksək məqamlı hamilərimin şöhrət və xeyirxahlığını əbədiləşdirə bilər. Kapitan Mirzə Fətəli Axundzadə * * * İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri 1274 (1858)-cü il Ərəblər arasında yazının meydana gəlməsinin başlanğıc dövrü tamamilə aydın deyildir. Lakin bəzi tədqiqatçıların əsərlərindən anlaşılır ki, himyərilər arasında “məsnəd” adı ilə məruf olan bir xətt olmuşdur ki, həzrət Əyyubun müqəddəs kitabı da həmin xətlə yazılmışdır. İbn-Xəldun ləqəbi ilə şöhrət tapmış cənab Əbdürrəhman, yazının Ərəbistanda necə meydana gəlməsini aydın şəkildə izah edərək yazır: “Himyər qəbiləsində “məsnəd” adlanan və hərfləri bitişməz olan bir yazı olmuşdur ki, himyərilər özlərinin icazəsi olmadan başqalarının bu yazını öyrənməsinə mane olurdular”. Bu sözlərdən məlum olur ki, ərəbcə yazı əvvəllər Himyər qəbiləsində meydana gəlib, onlardan Hiyrəyə və Hiyrədən də Tayif və Qureyş qəbilələrinə keçmişdir. Himyər qəbiləsində yazı-pozu olduğunu sübut edən dəlillərdən biri də “Qamus” müəllifi Məhəmməd ibn-Yəqub Firuzabadinin rəvayətidir. “Şüfr” kəlməsinin izahında verilmiş bu rəvayətin məzmunundan aydın olur ki, hələ Yəqub oğlu Həzrət Yusifin zamanında belə, yazı yazmaq sənəti himyərilər arasında yayılmışdı. “Qamus” müəllifinin verdiyi rəvayətin məzmunu belədir: “İbn-Hüşşan deyir ki, sel Yəməndə bir qəbrin üstünü açır. Orada bir qadın meyiti görünür ki, boynunda yeddi şəddə mirvari boyunbağı, biləklərinin hər birində yeddi qolbaq, ayaqlarında yeddi-yeddi xalxal, barmaqlarının hər birində qiymətli (səkkiz bucaqlı) cavahirdən bir üzük var idi. Onun başı üstündə mal-dövlətlə dolu bir sandıq və oradaca bir lövhə də var idi ki, onun üzərində yazılmışdı: “Sənin adınla, ey himyər Allahı! Mən Zişüfrün qızı Taçəyəm. Azuqə üçün Yusifin yanına adam göndərdim. O yubandırdı. Kənizimi pulla göndərdim ki, un gətirsin, tapılmadı, qızıl göndərdim, yenə də tapılmadı, dəniz qiymətlilərindən göndərdim, yenə də tapılmadı. Yarpaqları döyməyi əmr etdim. Ancaq fayda vermədi. Mən acından öldüm. Mənim barəmdə eşidənlər mənə rəhmət oxusunlar. Mənim bəzək şeylərimdən geyinən hər bir qadın isə ancaq mənim kimi ölsün”. Cənab Əllameyi-Sənani “Məcməül-bəhreyn” və Həmzə ibn-Həsən əl-İsfahaninin dilindən rəvayət edir ki, ərəblər Ədnan zamanında və ondan bir qədər sonra yazıb-oxumaq sənəti ilə məşğul olmuşlar. Rəvayət bundan ibarətdir: “Əbu-Əbdüllah Həmzə ibn-Həsən əl-İsfahani deyirdi: “Ərəb yazısının ilk baniləri Ədnan ibn-Davudun yaşadığı yerlərə köçmüş ən qədim qəbilələrdir. Onlar ərəbləşmiş və bu yazını öz adlarının hərflərinin sayı əsasında tərtib etmişlər. Adların sayı isə altı olmuşdur: Əbcəd, Həvvəz, Hütti, Kələmən, Səfəs, Qərəşət. Onlar Midyən başçılarından olmuşlar ki, rəisləri Kələmən idi və tufan günündə Şüeyb qövmü ilə birlikdə həlak olmuşlar. Onlardan sonra gələnlər gördülər ki, onların adlarında təsadüf edilməyən daha altı hərf vardır ki, bunlardır: Sa, Xa, Zal, Zad, Za, Eyn. Onları rədiflər adlandırdılar. Son zamanlarda yaşamış alimlərdən bəziləri belə güman etmişlər ki, əbcəd kəlmələrini icad edən Müramir ibn-Mürrədir ki, Qərəşətə qədər Siryani və İbrani hecalanma hərflərinin tərtibi ilə düzəldib, axırıncı iki kəlməni isə ərəb heca hərflərini təkmilləşdirmək üçün artırmışdır və belə də ehtimal olunur ki, bu kəlmələrin sayının səkkiz olmasının səbəbi odur ki, Müramirin səkkiz oğlu var idi və Əbcəd kəlmələrindən hər birisi bu oğlanlardan birinin adı idi. Lakin kufi xəttinin ixtiraçısı və tərtibedicisi, bütün tarixçilərin təsdiq etdiyinə görə, Müramir ibn-Mürrə olmuşdur. Əllameyi-Sənani də bu sözü təsdiq edir. O deyir: “Bizim yazımızın ilk icad edənləri böyük Tey qəsəbəsindən bir neçə kişi olmuşdur ki, Müramir ibn-Mürrə onlardan idi. Şairin sözləri də bu iddianı qüvvətləndirir: “Əbcədləri Müramirin övladından öyrəndim, katib olmadığım halda paltarımı qaraltdım. Müramirin övladının hər birisi Əbcəd kəlmələrinin biri ilə adlanırdı”. Sühah Əlcövhərinin mütərcimi Məhəmməd ibn-Müstəfa əl-Vali də bu sözləri təsdiq edib, Müramir – birinci mimin zəmmə, (ü) ikinci mimin kəsrə (i) ilə oxunması şərti ilə bir kişinin adıdır. Şərqi ibn-əl-Qütami demişdir: “Bizim xəttimizi icad edən Tey qəbiləsindən olan bir neçə şəxsdir ki, Müramir ibn-Mürrə onlardan biridir. Onun səkkiz oğlu var idi və Əbcəd kəlmələrinin hər birisi ilə bir oğlunu adlandırmışdı. Əbcəd isə əvvəldən axıra qədər səkkiz kəlmədən ibarətdir. Fazil Kəlbinin dediyinə görə, “bir neçə şəxs” dedikdə, birinci – Əsləm ibn-Şədrə, ikinci – Amir ibn-Həzərədir ki, Müramirlə birlikdə üç nəfər olurlar. Onlar Tey qəbiləsindən idilər. Onların birincisi Müramir hərflərin şəklini düzəltdi. Onların ikincisi olan Əsləm hərflərin fasilə və bitişikliyini təyin etdi. Üçüncüsü olan Amir bəzi hərflər üçün nöqtələr tərtib etdi. Hərflərin şəkli yazının əsas şərti olduğundan və Müramir hərflərin quruluşunun yaradıcısı olduğuna görə digər iki şəxsdən daha ziyada şöhrət qazanmışdır. Kufi xətti ilə siryani xətti arasında bir neçə cəhətdən böyük oxşarlıq vardır. Birinci budur ki, kufi xətti və habelə siryani xətti yazılarkən hərflər bir-birinə bitişirlər. İkinci budur ki, bu xətlərin hər ikisində hərflər bitişərkən onların, sonundan bir hissəsi kəsilir. Üçüncü budur ki, a, d, z, r, z, v kimi bir neçə hərf həm kufi, həm də siryani xəttində yazılarkən özündən sonra gələn hərflərlə bitişmirlər. Xülasə, bu iki xəttin bir-birinə oxşaması kufi xətti ilə yeni nəsx xətti arasındakı oxşarlıqdan az deyildir. “Qərəşət” sözünə qədər əbcəd kəlmələri sistemi siryani və ibrani dillərində də vardır. Onların dillərindəki hərflərin xüsusiyyəti və ərəb dilindəki hərflərin miqdarı nəzərə alınaraq səxiz və zəziğ kəlmələri ərəbcəyə artırılmışdır. Kufi xətti meydana gəldikdən sonra Qureyş əhli və başqa qəbilələr bundan istifadə etdilər. Bu xətt gündən-günə dəyişilməkdə idi. Nəhayət, hicri tarixin dördüncü əsrinin əvvəllərində Əbu-Əli Məhəmməd ibn-Əli ibn-Həsən ibn-Muqlə nəsx xəttini kufi xəttin əsasında düzəltdi və kufi xətti tamamilə dəyişdirib, yeni xətti isə “nəsx” adlandırdı. Çünki bu xətt kufi xətti nəsx edən (yəni ləğv edən) bir xətt idi. Ondan sonra İbn-əl-Bəvvab ləqəbi ilə məşhur olan Əli ibn- Hilal bu xəttə seyqəl verib təkmilləşdirdi. İbn-Xəlləkan adı ilə tanınmış misilsiz alim Qazi Şəmsəddin Əhməd ibn-Məhəmməd, Əbubəkr ibn- Bəvvab haqqında belə nəql edir: “Nə ondan qabaq yaşayanlar və nə də müasirlərindən heç biri bu yazının mislini görməmişdir. Bu yazını kufi xəttindən yeni bir üsula köçürən və onu hazırkı şəkildə meydana çıxaran birinci adam Əbu-Əli ibn-Muqlə olmuşdur. Buna görə də birincilik fəziləti ona məxsusdur. Düzəltdiyi xətt isə son dərəcə gözəl xətdir. Lakin ibn-Bəvvab bu üsulu təkmilləşdirmişdir. İbn-Bəvvab nəsx xəttinə tam rövnəq verib, Bağdadda şöhrət bayrağını yüksəltdi”. İzah olunan bu fəsildən aydın olur ki, kufi xətti hələ islamiyyətdən əvvəl ərəblər arasında, xüsusilə Qureyş qəbiləsində məşhur olaraq işlənilirdi. Və Allah kəlamı olan Quran da nazil olduqca haman xətt ilə qeydə alınırdı. Beləliklə, kufi xətti Allah tərəfindən göndərilmiş bir xətt deyildi və Allah kəlamı olan Quranın bu xətt ilə yazılması da istər şəriət və istərsə də hüquq nöqteyi-nəzərindən həmin xəttə elə bir şərəf qazandırmamışdır ki, onun dəyişdirilməsinə mane ola bilsin. İbn-Muqlə onu tamamilə dəyişdirib, nəsx xəttini yaratdı. Madam ki, belədir, əgər biz xalqın mənafeyini nəzərə alaraq, İbn-Muqlənin indi bütün müsəlman xalqları arasında işlənməkdə olan nəsx xəttini dəyişdirib, daha asan bir yazı üsulu yaratsaq, şəriətcə və hüquq cəhətdən buna nə söz-söhbət ola bilər? Mayor Mirzə Fətəli Axundzadə * * * Aleksandr Pavloviç Nikolaiyə Ştabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 4.V-1853-cü il, Tiflis Qafqaz təhsil dairəsinin hamisi, Qaf- qaz ölkəsi baş idarəsi Sovetinin üzvü, Cənab həqiqi statski sovetnik, həzrət- əşrəf kamerger və kavaler baron Aleksandr Pavloviç Nikolaiyə Tatar (azərbaycanlı – red.) tayfalarının sayca burada yaşayan başqa tayfalardan çox olduğu Zaqafqaziya ölkəsi, bu yerlər Rusiyaya ilhaq edilənə qədər, ya İran şahları, ya da Türkiyə sultanlarının hakimiyyəti altında idi. İran şahları hakim olduqları zamanlarda buradakı tatarların yazı işləri fars dilində, türklər hakim olduqları zamanlarda isə Zaqafqaziyada yaşayan tatarların dilindən, kökündən fərqli olan türk dilində aparılırdı. Bunun nəticəsində də tatarlar indiyə qədər xalis tatar (Azərbaycan – H.M.) dilində ədəbiyyatdan məhrumdurlar və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir; əgər tatar dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışlar. Beləliklə də bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında tatar dilinin ruhunu anlamaq və bu dilin xalqın işlətdiyi vəziyyətində öyrənilməsi mümkün olmadığı kimi, həmin əsərlərə əsaslanaraq, bu dilin qrammatik qayda və qanunlarını, hətta belə bir qayda-qanunu öyrənmək üçün göstərici ədəbiyyat tərtib etmək də mümkün deyildir. Əlbəttə, mənim bu sözlərim dövlət başçılarının məlumatlı adamlar vasitəsilə tatar dilini öyrənmək üçün tərtib etdikləri və tərtib etməkdə olduqları göstəricilərə aid deyildir. Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin hakimi olduğu zaman, tatarlar yaşayan yerlərə göndərdiyi əmrlərlə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür. Bundan sonra hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatar dilində aparılmağa başladı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman, hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Mənə məlum olduğuna görə, bu çətinliklər hələ də aradan qaldırılmamış və bu dil hələ indiyə qədər, demək olar ki, ancaq təcrübi qayda ilə öyrənilir. Tiflisdə teatr təsis olunduğu zaman bir çox adamlarda ədəbiyyata, xüsusilə dram sənətinə böyük həvəs oyanmışdı. O zaman məndə tatar dilində komediyalar yazmaq fikri oyandı. Mən yazdığım əsərləri həm tatar ləhcəsində, həm də özümün tərcümə etdiyim rus dilində onun mübarək, şöhrətli adına ithaf etdim. Hal-hazırda mən onları nəşr etməyə hazırlaşıram və birinci olaraq Sizin zati-alilərinizə müraciətlə Sizə tabe olan təhsil dairəsində bu əsərlər əsasında dərs keçilməsinin faydalı iş olduğunu təsdiq etmənizi xahiş edirəm. Əgər siz bu işi faydalı hesab etsəniz, öz adamlarınızdan birinə həmin əsərləri çap etməyə dair mənimlə əlaqəyə girməyi və litoqrafiya vasitəsilə onlardan neçə nüsxə çap etməyin lazım gəldiyini və hər bir nüsxənin qiymətini təyin etməyi, habelə bu pyesləri çap etdirmək üçün mənə lazım olan müəyyən bir məbləği borc olaraq verməyi tapşırmağınızı acizanə xahiş edirəm. Pyeslərin sayı beşdir və onlar bunlardır: “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat”, “Hekayətixırsi quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Sərabi” və “Sərgüzəştimərdi-xəsis”. Əsərlərin məzmunu rusca tərcüməsindən məlumdur. Ancaq mən bunu əlavə edirəm ki, tatar dilini öyrənmək arzusunda olan şagirdlər üçün tatar dilində yeganə orijinal əsərlər sayılan bu pyeslər çox faydalı vəsaitdir. Yalnız onların vasitəsilə tatar dilinin ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələrin quruluşunu, fellərin və sözlərin müxtəlif hallara düşməsini və sairəni öyrənmək olar. Orfoqrafiya məsələlərinə gəlincə, hələlik bu sahədə sabit bir qayda-qanun olmadığına görə mən indiyə qədər öz həmyerlilərimin yazı işlərində tətbiq etdikləri və tatarların tələffüzü ilə daban-dabana zidd olan və əslində fars və türk dilləri orfoqrafiyası prinsipində qurulan mövcud qaydalardan kənara çıxaraq, tatarların öz tələffüzlərində işlətdikləri əlamətləri, vurğuları və sairəni əsas qəbul etmişəm. Ştabs-kapitan Mirzə Fətəli Axundzadə * * * Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 12 noyabr 1857-ci il, Tiflis Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm. Artıq bu əlifba İrana göndərilmək üçün İran konsuluna verilmişdir. Eyni zamanda mən hər gün bu təşəbbüsüm barədə Tiflisdə savadlı adamlar və ruhanilər tərəfindən təqdiredici məktublar aldığımdan daha da ruhlanaraq, öz ideyamın düzgün olması haqqında daha möhkəm qənaətə gəlmişəm. Ona görə də özümün yeni əlifba layihəmdən başqa bir nüsxəni, onun haqqında məruzə ilə bərabər həzrəti-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, Qafqaz canişini zati-alilərinin icazəsi ilə onu müzakirə etmək üçün Türkiyə divanına vermək məqsədi ilə Rusiyanın Konstantinopoldakı səlahiyyətli nazirinə göndərin. Əgər Türkiyə hökuməti mənim əlifbamdan istifadə etmək barədə razılıq verərsə, xahiş edirəm ki, İran hökumətindən rica etdiyim mükafatı mənə və ya mənim varislərimə versinlər. Yəni mənim əlifbam 15 il müddətində hər bir mətbəədə çap edildiyi təqdirdə ondan gələn gəlirin beşdə bir hissəsi mənə çatsın. Əlbəttə, həzrəti-əşrəfiniz düşündüyü kimi, bu əlifbanı rəsmi sənədlərlə təqdim etmək məqsədəuyğun deyildir. Ona görə də yaxşı olar ki, onu rəsmi sənəd olmadan, xüsusi məktub kimi təqdim edəsiniz. Bununla bərabər, mənə çatacaq mükafatın verilməsi barədə Türkiyə Divanına yazmış olduğum ərizənin tərcüməsini də təqdim edib xahiş edirəm ki, Rusiyanın səlahiyyətli nazirliyinə göstəriş verəsiniz ki, göndərilən kitabça təqdim edildikdə mənim ərizəm də ona əlavə edilsin. Kapitan Mirzə Fətəli Axundzadə * * * Konstantin Fyodoroviç Lelliyə Canişin dəftərxanasının diplomatik idarəsi rəisi zati-aliləri – Kavaler Konstantin Fyodoroviç Lelliyə Babi-Alinin yüksək divanına kapitan Mirzə Fətəli Axundzadədən Ərizə Hazırda müsəlman dillərinin yazısını sadələşdirmək üçün yeni əlifba tərtib edərək, onu yüksək Divanın mütaliəsinə təqdim etmək şərəfinə nail olub, acizanə xahiş edirəm ki, bu layihə qəbul olunduğu təqdirdə, mətbəə sahiblərinə əmr edəsiniz ki, 15 il müddətində bu yeni əlifbanın çapından əldə edilən gəlirin beşdə bir hissəsini mənə və ya mənim varislərimə vermək üçün ayıraraq, həmin məbləği Tiflisdə mənə çatdırmaq üçün yüksək Rusiya dövlətinin nazirliyinə və ya konsulluğuna təqdim etsinlər. 12 noyabr 1857-ci il * * * Əsgərxan bəyə Əzizim Əsgərxan bəy! Mən burada təbrizlilər arasında elə bir adam axtarırdım ki, Təbrizə qayıtdıqdan sonra yeni əlifbanı sizə öyrətmək üçün ona öyrədim. Bu axtarış nəticəsində axund Molla Əliməhəmməd rövzəxandan başqa adam tapa bilmədim. Əlifbanı ona öyrətdim ki, Təbrizə yetişən kimi bu xüsusda sizinlə danışıb bəzi şeyləri sizə göstərsin. Eyni zamanda mən sizin fitri bacarığınıza bələd olduğumdan əminəm ki, onun köməyi olmadan belə, [sizə göndərdiyim] kitabçanın üzündən bu yeni əlifbanı öyrənə biləcəksiniz. Məhz buna görə də adı yuxarıda çəkilən axundun çox bədbəxt olmasına baxmayaraq, yeni əlifba kitabçasını onun əlilə köçürtdürüb həmin məktubla sizə göndərirəm. Xahiş edirəm ki, bu nüsxəni aldıqdan sonra onu üzköçürən xoşnəvislərdən birinin vasitəsilə çox gözəl yazdırıb özünüzdə saxlayasınız. Bundan sonra sizə göndərdiyim nüsxəni axund Molla Əliməhəmmədə verərsiniz. Sizə yazdığım təlimat əsasında yeni əlifbanı öyrətməyə və onu Təbriz camaatı içərisində yaymağa çalışın! İşin gedişi haqqında yeni əlifba ilə hesabat yazaraq, kəlağayıçı Hacı Rəsula təqdim edin! O, sizin məktublarınızı qardaşı Ağa Həsən tacirin məktubları ilə bərabər göndərər və bu məktublar mənə çatar. Mən bu məsələ haqqında sizin çalışmanıza ümid bəsləyirəm. Əmin ola bilərsiniz ki, öz işinizlə məni son dərəcə razı salıb, xoşhal edəcəksiniz. Bununla bərabər, yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. Sizin öhdənizə böyük bir iş qoyuram. Əgər islam padşahları öz xalqlarının xeyrini nəzərdə tutaraq, yeni əlifbanın həyata keçirilməsi uğrunda tədbir görərlərsə, bu böyük işin Azərbaycanda ilk banisi siz olacaqsınız və misilsiz şöhrət qazanacaqsınız. Bu yoldan böyük mənfəətlər əlinizə çatacaqdır. Çünki, köhnə əlifba ilə olan kitabları yavaş-yavaş yeni əlifbaya köçürdüb çap etdirmək üçün mətbəələrə verəcəksiniz. Eyni zamanda siz bilməlisiniz ki, hazırda hərdənbir üzlərini ərəb əlifbası ilə köçürdüyünüz kitablara nisbətən yeni əlifba ilə üzünü köçürdüyünüz kitablara daha az zəhmət sərf edəcəksiniz. Əgər bu böyük iş baş tutarsa, inşallah, yeni əlifbanı öyrətmək və bəzi başqa məsələlər üçün siz mənim hesabıma darül-xilafeyi-Tehrana gedəcəksiniz. Əlbəttə, bu cür səfər çox yaxşı nəticələr verməyə bilməz. Bu elə bir işdir ki, onun üçün zirək və bacarıqlı adam lazımdır. Bu cəhətdən sizdən yaxşı adam tapılmaz. Siz bu işi heç də asan iş saymayın. Əgər bir qədər diqqət etsəniz, işin nə qədər faydalı bir iş olduğu sizə məlum olar. Bəzi adamların bu barədə rəddedici fikirlərinə qulaq asmayın və əlinizi işdən soyutmayın! Hər işin əvvəli insana çətin gəlir. Əgər bütün xalq kütlələri bu əlifbanın köməyi ilə yaxın gələcəkdə savadlılar sırasına daxil olacaqlarını bilərlərsə, bizim fikrimizi rədd edənlərə onlar özləri cavab verərlər. Bu işdə möhkəm iradəli, əzmli və cəsarətli olmağınızı xahiş edirəm. Kitabçanı, təlimatı və habelə Tehrana göndərdiyim məktubun surətini münasib gördüyünüz yerlərdə mərifət sahiblərinə oxuyun və hər bir kəsi bu mətləbdən agah edin. Mənim əvəzimdən Göhər Sultanın üzündən öpün. 1274-cü il hicri, məhərrəm ayının sonunda (22 sentyabr 1857-ci il), Tiflisdə kapitan Mirzə Fətəli tərə- findən yazıldı. * * * Aleksey Fyodoroviç Kruzenşternə Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis Müsəlman əlifbasının yarıtmazlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, o, təxminən heroqliflərlə oxunur. Ona görə ki, birinci, sözlərdəki bütün səsləri tamamilə ifadə etmək üçün lazım olan bir neçə hərf bütünlüklə bu əlifbada yoxdur. İkincisi, sait hərflərin çox hissəsi, onların köməyi ilə ifadə olunan samit hərflərin yanında yazılmır və onları oxucunun özü ehtimal ilə təyin etməli olur. Bu hərfləri təyin etməyə qadir olmaq üçün, təkmilləşincəyə qədər oxucu illərlə vaxt itirir və öz qiymətli vaxtını boş işlər üçün sərf etməli olur. Üçüncüsü, bir çox hərflərin şəkilləri eynidir. Onlar bir-birindən ancaq nöqtələr vasitəsilə fərqlənir, lakin çox zaman katiblər bu nöqtələri yazmır və onları təyin edib, hərfləri istədiyi kimi oxumağı oxucunun öhdəsinə buraxırlar. Yazının belə bir vəziyyətdə olmasının xoşagəlməz nəticəsidir ki, müsəlmanlar yaşayan yerlərdə on min nəfər içərisində ancaq bir nəfər savadlıya təsadüf etmək olur. Bu isə onların oxumaq meylinin yoxluğu nəticəsi deyil, bəlkə də oxumağın imkan xaricində olmasının nəticəsidir. Oxumaq vasitələrinin çətinliyi nəticəsində təhsilə başlayanların bir çoxu oxumağı buraxır və bilir ki, bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər. Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əlifbasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək, ona birinci günlərdə riyaziyyatı öyrənmək qədər çətin gəlir. Xaricilərə gəlincə, cəsarətlə sizi inandıra bilərəm ki, onlardan biri də indiyə qədər müsəlman yazısını öyrənmək işində yüksək səviyyəyə çatmamışdır. Onlar bu əlifbanı ancaq səthi və qismən öyrənirlər. Bunların hamısına müqəssir ancaq əlifbadır. Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyət, tez ya gec aradan qaldırılmalı idi. Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra olsa belə, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazımdır. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışıq və ifadəni aydınlaşdırmaq üçün bir neçə lazımi durğu işarəsi yaradaraq, düzgün yazmaq və yazını asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də ərəb, fars və türk dilləri üçün yeni bir əlifba tərtib etdim ki, öz xüsusiyyəti etibarilə köhnə əlifbaya əsla biganə deyil və tamamilə məqsədəuyğundur. Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyərlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? Hər halda işin müvəffəqiyyəti və nəticəsi haqqında fikirləşməyərək, mən təcrübə üçün öz əlifbamı həzrət-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, həzrət-əşrəf Qafqaz canişininin hüzuruna çatdırıb, xahiş edəsiniz ki, o, bu əlifbanı buradakı İran baş konsuluna təqdim edib, onu belə bir dəvətlə öz hökumətinə göndərib soruşsun ki, onlar bu əlifbanı həyata tətbiq etmək istəyərlərmi? Əgər İran hökumətinin belə bir çevrilişə gücü və cəsarəti çatmazsa, əlifbanı geri qaytara bilər. O zaman mən onu həmin yolla Türkiyə hökumətinə göndərərəm ki, fikrimcə, bu hökumət hazırda, belə bir dəyişikliyə meyl edə bilər. * * * Apolinari Petroviç Butenova Əlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən Ərizə Müsəlman əlifbasının natamamlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, müsəlman yazıları tamamilə heroqliflərlə oxunur. Buna görə də dildəki bir çox səslər əlifbada xüsusi hərflərlə qeyd olunmur. İkincisi, sait hərflərin çoxu onların köməyi ilə ifadə olunan samit hərflərlə bir sırada yazılmır. Buna görə də oxucu sait hərfləri özü ehtimal yolu ilə təyin etməlidir. Oxucu bu sait hərflərin təyinində düzgün ehtimala gəlməyi öyrənincəyə qədər illərlə çalışmalı və öz qiymətli vaxtını boş işlərə sərf etməlidir. Üçüncüsü, bir çox hərflərin şəkli yazıda eynidir. Onlar biri digərindən ancaq nöqtələrlə fərqlənirlər. Çox zaman isə katiblər bu nöqtələri qoymağı unudaraq, hərfləri bir-birindən fərqləndirməyi oxucunun öz öhdəsinə buraxırlar. Əlifbanın bu vəziyyətdə olması nəticəsində belə bir xoşagəlməz şərait yaranmışdır ki, müsəlman xalqları içərisində on minlərlə nəfərdən ancaq bir nəfər savadlıya təsadüf etmək olar. Əlbəttə, bu, onların savad öyrənmək işindəki tənbəlliyindən deyil, savadlanmağın imkan xaricində olmasından irəli gəlmişdir. Bir çox hallarda təhsil almağa başlayan adamların əksəriyyəti bu işin çətinliyini başa düşərək, oxumağı tərk edirlər. Çünki bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər. Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əliybasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək ona birinci günlərdə riyaziyyat məsələlərini öyrənmək qədər çətin gəlir. Xaricilərə gəlincə, cəsarətlə deyə bilərəm ki, onlardan bir nəfəri də indiyə qədər müsəlman yazısını mükəmiməl öyrənə bilməmişdir. Onlar bu yazhını qismən və səthi öyrənirlər. Bütün bunlara səbəb əlifbanın yarıtmazlığıdır. Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyətə gec-tez son qoyulmalıdır. Müsəlmanların ədəbityyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra belə olsa, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazım idi. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim. Ona görə də mən bu əlifbadan bütün nöqtələri atdım. Saitlərin hər birinə gözəl şəkillər düşünüb onları samitlərin cərgəsinə saldım. Əlfibanı çatışmayan hərflərlə tamamladım. Hər bir hərf üçün nöqtələrin yardımına ehtiyac hiss etmədən xüsusi şəkil tapdım. Bir neçə lazımlı vurğu işarələri düşündüm. Əlifbanı asan öyrənmək üçün xüsusi orfoqrafiya və yazı üsullarını göstərdim və beləliklə də, fars və türk dilləri üçün tamamilə məqsədəuyğun, lakin hələ öz xüsusiyyəti ilə köhnə əlifbaya yabançı olmayan yeni bir əlifba düzəltdim. Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illərlə vaxt tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən çox cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman xalqlarının ədəbiyyatında belə bir dönüşə razı olacaqlarmı? Çünki razı olsalar, indiyə qədər mövcud olan milyonlarla kitab gələcəkdə tamamilə gərəksiz qalacaqdır. Hər halda mən bu işin müvəffəqiyyətlə başa çatıb-çatmayacağını düşünmədən, həmin ilin noyabr ayında həmin əlifbanı Türkiyə Divanında müzakirəyə vermək üçün həzrət-əşrəf knyaz Canişinin icazəsi ilə sizin yüksək cənabınıza göndərməyi Qafqaz canişininin diplomatik dəftərxanasından xahiş etdim. Əgər Osmanlı dövləti mənim yeni əlifbamı istifadə etmək üçün qəbul edərsə, mən xahiş edirəm ki, mənim bu ixtiramın müqabilində 15 il müddətində bu əlifba hər dəfə mətbəədə çap edildikdə, ondan əldə edilən gəlirin beşdə bir hissəsini mükafat olaraq mənə və ya mənim varislərimə versinlər. Hal-hazırda mən sizin zati-alilərinizin iltifatına ümid edirəm. Eyni zamanda mənim bu təşəbbüsümün nəticəsini öyrənməyi və lütfən Qafqaz canişinliyinin diplomatik dəftərxanası vasitəsilə bu nəticəni mənə bildirməyi sizdən acizanə xahiş etməyi özümə borc bilirəm. Çünki mən belə qərara gəlmişəm ki, təşəbbüsüm müvəffəqiyyətsizliyə uğrasa, bu əlifbanın birər nüsxəsini Avropa dövlətlərinin bütün akademiyalarına göndərib onlara Şərq dillərini sevən insanların hamısı üçün faydalı olan belə bir layihənin rədd edilməsi haqqında səmimi təəssüflərimi bildirim. Kapitan Mirzə Fətəli Axundzadə 12 noyabr 1857 ci il, Tiflis * * * Hüseyn xan Nizamüddövləyə Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun! Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır. Mən darül-xilafeyi-Tehranda bir kəsi tanımıram. Sizin cəlal sahibinizlə də üz-üzə gəlib tanış olmamışam. Amma eşitmişəm ki, cənabınız Müqəddəm elindənsiniz. Mən də ata və ana tərəfdən müqəddəməm. Bundan əlavə, sizin qohumunuz cəlal sahibi müqərrəbül-xaqan Mirzə Cəfər xan mənim mərhum əmim axund Hacı Əliəsgərlə tanış və dost idi. Rəhmətlik əmim həmişə əzəmətli xanın tərifini edərdi və o mərhumun əzəmət sahibi olan xandan Şeyx Bəhainin “Xülasətül-hesab” əsərinin bəzi mətləblərini öyrəndiyini bilirdim. Habelə müqərrəbülxaqan Mirzə Cəfər xan şəxsən mənim özümü də tanıyır. Tiflisdə olduğu zaman səfarətxanaya təşrif gətirərkən mənə yadigar olaraq bir “Min bir gecə” kitabı da bağışlamışdır. Yeri cənnətdə olan Məhəmməd şahın tərəfindən mübarək fərman ilə “Şir-Xurşid” nişanı da onun elçiliyi vasitəsilə mənə əta olunmuşdur. Buna görə də hal-hazırda cəlal sahibi olan cənabınıza müraciət edib, gələcəkdə qeyd edəcəyim bir iş barəsində sizin yardımınızı və vasitəçiliyinizi xahiş edərək, tamamilə xatircəm və ümidvar olduğumu bildirirəm ki, cəlal sahibi olan cənabınız ellilik təəssübü ilə mənim tərəfimi saxlayacaq, həmin iş barədə mənim tərəfimdən vəkillik vəzifəsini icra edəcək, mənim haqq sözümü darülxilafeyi-Tehranda nazirlərin və dövlət başçılarının hüzurunda sübuta çatdıracaq və bu nəcib işinizlə məni özünüzə sonsuz dərəcədə minnətdar edəcəksiniz. Bu ilin rəbiüssani ayında şərəf sahibi sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbülxaqan Mirzə Hüseyn xan, islam yazı qaydalarını dəyişdirmək barədə yazmış olduğum bir kitabçanı dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırmaq üçün İranın xarici işlər naziri cənablarına göndərmişdir. İndiyə qədər xarici işlər nazirliyindən hörmətli baş konsula bu xüsusda cavab gəlmədiyindən nigaran qalmışam və buna görə də sizin cəlal sahibi olan cənabınızdan xahiş edirəm. Mən bunun mənasını iki haldan birinə yozuram. Ya onlar bu məsələni başa düşmürlər, ya da ki başa düşürlər, lakin bəzi səbəblərə görə mənim sözlərimi və dəlillərimi qəbul etmək istəmirlər. Hər iki halda cəlal sahibi olan cənabınızın vasitəçiliyinə və köməyinə ehtiyacım vardır ki, siz mənim vəkilim olasınız. İşin nə yerdə olduğunu dövlət rəhbərlərinin qarşısında izah edəsiniz və onları razı salasınız ki, bu yeni əlifbanı müzakirə üçün on-on iki nəfər kamal və mərifət sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər və haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, göstərilmiş qayda və üsul ilə uşaqlara öyrətməyə başlasınlar və bu məsələni qəzetlər vasitəsilə yazıb hər yerə bildirsinlər. Bundan sonra əgər xalq bu yeni yazı qaydasını canla-başla qəbul etmək istərsə, onu hər yerdə tətbiq etməyə başlasınlar. Əgər dövlət başçıları mənim bu təklifimi qəbul etmək istərkən ona görə ehtiyat edirlər ki, yeni yazı qaydası tətbiq olunduğu təqdirdə bütün İran ölkəsində mövcud olan köhnə kitab sahiblərinə bir kürur və ya iki kürur zərər dəyə bilər və buna görə də onlar şikayət etmək qərarına gələrək, bu təklifi asanlıqla qəbul etməyəcəklər, o zaman dövlətiəliyyeyi-İran üçün bu qorxunu aradan qaldırmaq əlacı tamamilə mümkündür. Əlbəttə, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri zərərə düşəcəklər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba tətbiq olunduqdan sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürur-kürur qazanc əldə edəcəkdirlər. Çünki hər bir yeni kitab mətbəədə çapdan çıxan kimi satılacaqdır. Belə olduqda, mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə də qoymaq olar ki, iyirmi il müddəti ərzində hər hansı bir kitabı çap edib satışa buraxdıqda, haman yeni kitabın yarı qiymətinə köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini satın alsınlar və dərhal əski əlifbada olan haman kitablara elə bir əlamət vursunlar ki, bu nüsxələr bir daha hiylə yolu ilə başqa mətbəələrə təqdim olunub satıla bilməsin. Bu yol ilə sabiq kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar. Bu yardım isə onlar üçün kifayətdir. Əgər mətbəə sahibləri bu şərti qəbul etməyə razı olmazlarsa, dövləti-əliyyeyi-İran həmin şərti icra etmək əsasında iyirmi il müddətində kitab ticarətini öz əlində saxlaya bilər. Məlumunuz olsun ki, həmin yeni əlifbadan bir cild Osmanlı dövləti başçılarına və beş cild isə Avropanın beş mühüm dövlətinə göndərilmişdir. Müsəlman xalqlarının külli mənafeyini təmin edə bilən yeni əlifba haqqındakı fikrimi sübut etmək və onu tətbiq etmək üçün özüm də Qafqaz vilayətlərində çalışmaqdayam. Cəlal sahibi olan cənabınızın tanış olması üçün bu məktubla bərabər yeni əlifbanın müqəddiməsini, hərflərin şəkillərini və yeni əlifba ilə yazılmış bir qitəni hüzurunuza göndərirəm. Mənim məqsədim ümumun mənafeyini təmin etməkdir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və həyatımın yaxşılığı başqa yolla da tamamilə təmindir və bu kimi işlərin qazancına ehtiyacım yoxdur. Yeganə arzum budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar. Allah eləməmiş, əgər bu məqsədə çatmaq üçün gətirdiyim dəlillərdən heç birisi dövlət başçılarının və millət üləmasının təbiətinə təsir etməzsə, cəlal sahibi olan cənabınızdan xahiş edirəm ki, əhvalatı yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum. Aramızda məhəbbət və mehribanlıq olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar. 20 şəvval 1274 (5.VI.1858-ci il) Tif- lisdə şərafətli sərkar Qafqaz canişini xidmətində islam dilləri mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərə- findən yazıldı. * * * Əbdürrəhman ağaya Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun! Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram. Yazıldı məhərrəmülhəramın axırında, Tiflisdə dostunuz kapitan Mirzə Fətəli Axundzadə tərəfindən. İstanbulda Məcdətli və nəcdətli dusti-mükərrəm Əbdürrəhman ağa cənablarına vasil ola. * * * Tehran əmirlərindən birinə Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın. İndiyə qədər Xarici İşlər Nazirliyindən adı hörmətlə çəkilən baş konsula bu xüsusda heç bir cavab yetişməmişdir. Buna görə də mən nigaran qalmışam. Odur ki, cəlal sahibi olan cənabınızdan sonsuz dərəcədə xahiş edirəm ki, mənim tərəfimdən vəkil olaraq işin nə yerdə olduğunu dövlət başçılarına izah edib, onları razı salasınız ki, həmin yeni əlifba məsələsini müzakirə üçün on-on iki nəfər mərifət və kamal sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər; bəlkə haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, yazılı surətdə göstərilmiş üsul və qayda üzrə uşaqları oxutmağa başlasınlar və bu məsələni qəzetlər vasitəsi ilə yazıb hər yerə bildirsinlər. Bundan sonra əgər xalq canla-başla bu yeni yazı qaydasını qəbul etmək istərsə, o zaman onun bütünlüklə tətbiqinə başlasınlar. Əgər bu təklifi qəbul etməkdə dövlət başçıları ona görə ehtiyat edirlərsə ki, yeni əlifbanın bütün İran ərazisində tətbiq edilməsi nəticəsində köhnə kitab sahiblərinə bir və ya iki kürur zərər dəyə bilər və yəqin ki, bu adamlar şikayətçi ola bilərlər və haman işi asanlıqla qəbul etmək istəməzlər, o zaman belə bir qorxunu aradan qaldırmağın çarəsi yenə də yüksək İran dövlətinin öz əlindədir. Məsələn, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri müəyyən dərəcədə zərərə düşəcəkdirlər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba qəbul edildikdən sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürurlarla qazanc əldə edəcəkdirlər. Çünki onların çap etdiyi hər bir kitab mətbəədən çıxan kimi satılacaqdır. Belə olduğu halda xüsusi bir qərarda mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə qoymaq olar ki, iyirmi il müddətində satış üçün çapxanadan nə qədər kitab buraxılarsa, haman yeni kitabların qiymətinin yarısı müqabilində köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini qəbul etsinlər və haman saat köhnə əlifbada olan kitablara elə bir əlamət vursunlar ki, bəzi çapxana sahiblərinin hiyləsi üzündən o kitablar yenidən başqa bir mətbəəyə təqdim olunaraq satıla bilməsin. Beləliklə, köhnə kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar və bu kömək isə onlar üçün kifayətdir. Məlumunuz olsun ki, bu yeni əlifbanın bir cildini Osmanlı dövlətinin başçılarına və beş cildini də Avropanın beş əsas dövlətinə göndərmişəm. İslam xalqları üçün çoxlu faydası olan yeni əlifbanın tətbiqi barədə öz fikrimi sübut üçün şəxsən Qafqaz vilayətlərində çalışmaqdayam. Bu məktubumla bərabər, yeni əlifbanın müqəddiməsi, hərflərin şəkli və yeni əlifba ilə yazılmış bir qitə də sizə göndərilir. Mənim istədiyim ümumun xeyridir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və asayişim başqa yollarla da təmindir. Bu cür işlərdən qazanca ehtiyacım yoxdur. Arzum təkcə budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi ellikcə təhsil alıb savadlanmaq imkanına malik olub, məişət işlərindən xəbərdar olsunlar. Allah eləməsin, əgər bu məqsədə çatmaq üçün gətirilən dəlillərdən heç birisi dövlət rəhbərləri və millət başçılarının təbiətinə təsir etməzsə, cəlal sahibi cənabınızdan xahişim budur ki, heç olmazsa, vəziyyəti yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum. Aramızda məhəbbət və mehribanlıq əlaqələri olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana sizin cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar. Şəvval ayının 20-də 1274-cü il (5.VI- 1858-ci il). Tiflisdə, şərafətli sərkar Qaf- qaz canişini hüzurunda islam dillərinin mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Şöhrət sahibi olan alicənab! Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun. Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər. Kitabçadan bir cildi də paytaxt olan Peterburqa göndərilmişdir. Peterburqda şöhrət sahibi olan cənabınızdan başqa, mənim ürəyimdəkilərdən lazımınca xəbərdar olan və bu dəyişdirmənin xeyirli nəticələrindən tamamilə başı çıxan başqa bir şəxs olmadığından, mənə belə yəqin olmuşdur ki, haman kitabçanı şöhrət sahibi olan cənabınızın mütaliəsinə verəcəklər. Buna görə də ümid edirəm ki, cənabınız daim sizi şöhrətləndirən təbii insaf və fitri hüsni-əqidənizə əsasən bu məsələ haqqında ancaq həqiqəti söyləyəcəksiniz və habelə dövlət başçılarına verdiyiniz cavabınızın və həmin məsələ barəsindəki rəyinizin nədən ibarət olduğundan məni də xəbərdar edəcəksiniz. Eyni zamanda fürsəti qənimət bilib yeddi qitədən ibarət olan əsərlərimin bir nüsxəsini hədiyyə olaraq şöhrət sahibi olan cənabınıza göndərirəm. Bunlardan altısı pyes, biri isə hekayədir. Hekayəni bu son zamanlarda yazdığımdan hələ heç yerdə çap olunmamışdır. 1858-ci ilin iyul ayında Tiflisdə şərafətli sərkar Qafqaz canişininin dəftərxanasında islam dilləri mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Aleksey Fyodoroviç Kruzenşternə Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis Mənim əldə etdiyim məlumata görə, Sankt-Peterburqda, Berlində, Vyanada, Parisdə və Londonda Şərq dilləri məktəbləri və bir çox şərqşünaslar vardır. Bu vəziyyət mənim Şərq dilləri yazısını sadələşdirmək məqsədi ilə yenicə tərtib etdiyim əlifba layihəsini paytaxtlarında bu kimi məktəblər olan hökumətlərin müzakirəsinə verməyə vadar edir. Ona görə də mən söylədiyim əlifbanın İran və Türkiyə dövlətlərinə göndərdiyim əsl nüsxəsindən beş surət çıxararaq, sizin zati-alilərinizə təqdim edib, bu xüsusda knyaz Canişin həzrətlərinə məlumat verərək, həmin əlifbanı onun adından S.Peterburqa, habelə Prussiya-Avstriya, İngiltərə və Fransa hökumətlərinə göndərmək üçün onun həşəmətli həzrətlərindən razılıq istəməyinizi acizanə xahiş edirəm. Eyni zamanda, məni belə bir dəyişikliyə iqdam etməyə vadar edən səbəblər haqqında da bu hökumətlərə izahat verilməlidir. Bu səbəblər haqqında mən, artıq keçən ilin 23 sentyabrında zati-alilərinizə təqdim etdiyim yazılı məruzəmdə ətraflı danışmışam. Kapitan Mirzə Fətəli Axundzadə * * * Müsyö Timofeyevə Hörmətli ağam müsyö Timofeyev! 29.VIII-1858-ci il Sizinlə şəxsi tanış olmaq şərəfinə nail olmasam da, mən qulluğumuzun eyni olmasını nəzərə alaraq, sizə acizanə bir xahişlə müraciət etməyə özümə icazə verib, şübhə etmirəm ki, siz onu dostcasına qəbul edəcəksiniz. Keçən dekabr ayında həzrət-əşrəf stats-sekretar Kruzenştern, Qafqaz canişini knyaz Aleksandr İvanoviç Baryatinskinin icazəsi ilə mənim ərəb, türk və fars dillərinin yazısını sadələşdirmək üçün tərtib etdiyim əlifbanı Osmanlı dövlətinin dərbarındakı imperatorluq səlahiyyətli nazirimiz, həqiqi gizli müşavir Butenova göndərdi ki, o alinəsəb cənab da həmin əlifbanı nəzərdən keçirmək üçün Türkiyə Divanına versin. İndiyə qədər bu işin vəziyyəti barədə heç bir məlumat almadığıma görə mərhəmətli cənabınızdan acizanə xahiş edirəm ki, mənim əlifbamın Türkiyə Divanına verilməsi və onun həmin ölkənin alimləri tərəfindən nəzərdən keçirilməsi, sözün qısası, əlifbamın taleyinin nə yerdə olması barədə mənə yazıb bildirəsiniz. Siz bu dostluğunuzla məni həmişəlik özünüzə hörmət etməyə borclu edəcəksiniz və sizin hörmətli adınız daim mənim təşəkkürlə dolu olan qəlbimdə yaşayacaqdır. Sizə dərin ehtiramımı bildirmək əlaməti olaraq, öz komediyalarımdan bir nüsxəsini sizə göndərərək, xahiş edirəm ki, bu kiçik hədiyyəni məndən sizə səmimi və sadiq olan bir şəxsin hədiyyəsi təki qəbul edəsiniz. Mənim çapa hazırlanan “Aldanmış kəvakib” sərlövhəli hekayəm və “Şərq mürafiə vəkilləri” pyesim də çapdan çıxdıqdan sonra dərhal xidmətinizə göndəriləcəkdir. * * * Mirzə Ələkbərə Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti Mənim hörmətli ağam, səadətiniz daimi olsun! Çoxdandır vəziyyətinizdən və əhvalınızdan xəbərim yoxdur. Amma xasiyyətinizin gözəlliyini bildiyimə görə, həmişə adınızı xeyirlə yad edirəm. Son günlərdə kürəkənim Əsgərxan bəy Ordubadiyə bir kitabça göndərmək istəyirdim. Hüseyn Sultanın oğlu olan bu şəxs sizə tanışdır. Özü Məqsudiyyə küçəsində yaşayır. Kitabça yolda itib-batmasın deyə, mən onu ora gələn şəxslərin vasitəsilə göndərmədim. Ona görə də sizin dostluğunuza bel bağlayıb kitabçanı dövlət poçtu ilə cənabınızın adresinə göndərirəm və xahiş edirəm ki, kitabça çatan kimi nökərlərinizdən birinin vasitəsilə onu Əsgərxana göndərib yetişməsi haqqında qəbz alasınız. Ya da ki, Əsgərxan bəyi çağırıb kitabçanı özünə təslim edəsiniz. Qəlbən sizə bəslədiyim ixlas və məhəbbətə əsasən hərdən bu cür başağrısı verməyi özüm üçün mümkün hesab edirəm. Başqa əlacım yoxdur. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. Məni bağışlamağınızı xahiş edirəm. Tiflisdə, kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı, 1858. * * * Dəsturül-əməl Alicənab Hacı Molla Məhəmməd! Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz. Baqi, fəzailməab İbrahim əfəndiyə məndən salam yetirəsiniz. Yazıldı Tiflisdə, məhərrəmül-həramın axırında, sənə 1275 [9 sentyabr 1858]. Kapitan Mirzə Fətəli tərəfindən. * * * Təlimat Əzizim Əsgərxan bəy! Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz. İşin gedişi barədə aybaay yeni əlifba ilə bir məktub yazıb kəlağayıçı Hacı Rəsula veriniz ki, gecikmədən öz məktubunun içində Tiflisdə olan qardaşı tacir Ağa Həsənə göndərsin ki, o da mənə çatdırsın. Hər bir məktubunda gərək şagirdlərin sayını, onların adını, ləqəbini və hər birinin çalışqanlıq və həvəs dərəcəsini göstərib, habelə xalqın bu yeni əlifbaya meyli olub-olmadığını da mənə bildirəsiniz. Əgər dinləyicilər əlifbaya dair mübahisə açsalar, gərək cavabını bildiyiniz kimi verəsiniz və mənə də yazasınız ki, filan məclisdə filankəs, filan bəhsi filan mətləb ətrafında irəli sürdü. Siz gərək həmişə alimlərin məclisinə gedəsiniz. Siz xüsusilə əsrin müctəhidi cənab Hacı Mirzə Bağır ağanın hüzuruna gediniz. Mənim ona kamil ixlasım vardır və həmişə onun fəzilətinə və gözəl əxlaqına pərəstişkaram. On il bundan əvvəl darül-xilafeyi Tehrana səfərim zamanı Təbrizdən keçərkən, onun mərhum atasının ziyarətinə gedib, əlini öpməyə nail olmuşdum. Siz onunla yeni əlifba haqqında söhbət edin və mülahizələrini mənə yazın! Siz mətbəə sahibləri ilə yaxın əlaqə saxlayıb, onları başa salmalısınız ki, vəziyyətlərinin yaxşılaşması və işlərinin tərəqqisi bu yeni əlifbanın hətta tətbiq olunmasından asılıdır. İnşaallah-taala islam ölkələrinin padşahları onu təsdiq və həyata keçirmək yolu ilə bütün müsəlman xalqlarını xoşbəxt edəcəklər. Sözün qısası, siz gərək bu yeni əlifbanı öyrədib yaymaq fikrində gecə-gündüz tam ciddiyyət və həvəslə çalışasınız. Tacirlər arasında savadsızlar olarsa, əlbəttə, siz bu əlifbanı onlara öyrədin ki, bircə ay ərzində tam savadlı olub, öz işlərini həmin savadın köməyi ilə irəli aparsınlar. Əgər İsfahan, Şiraz və Xorasan kimi şəhərlərin əhalisindən şagirdləriniz olarsa, əlbəttə, yeni əlifbanı onlara da öyrədin və kitabçadan bir nüsxəsini də onlara verin ki, öz vilayətlərinə qayıtdıqdan sonra, onlar da yeni əlifbanı başqalarına öyrətsinlər. 1275-ci il məhərrəmül-həramın sonunda [9.IX-1858] Tiflisdə kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Mirzə Yəquba Mənim əziz ağam Mirzə Yəqub, səadətiniz daimi olsun! Darül-xilafeyi-Tehranda iki dəfə şəxsən şöhrət sahibi olan cənabınızla görüşüb, sizin sonsuz fəzilət və gözəl sifətlərinizdən xəbərdar olduğumdan həmişə sizi yad etməklə ağzımı şirin edirəm. Yəqinimdir ki, siz də gözəl xasiyyətinizə görə məni unutmamışsınız. Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan mənim islam dilləri yazısını asanlaşdırmaq haqqında yazmış olduğum yeni əlifba kitabçasını şərafətli sərkar canişinin icazəsi ilə keçən il İran Xarici İşlər naziri cənablarına göndərmişdir ki, dövləti-əliyyeyi-İranın başçılarının nəzərinə çatdırsın. Amma o tarixdən indiyə qədər xarici işlər nazirindən bu xüsusda bir cavab gəlməmişdir. Bundan əlavə, mən özüm də bu barədə bir məktub yazıb adı qeyd olunan hörmətli konsulun vasitəsilə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövləyə göndərmişəm. Amma ondan da bir xəbər alınmamışdır. Buna görə də şöhrət sahibi olan cənabınızdan xahiş edirəm ki, dostluq və məhəbbət naminə bir məktub vasitəsilə mənə bildirin görüm, mənim əlifbam dövləti-əliyyeyi-İran başçılarının nəzərinə çatdırılıb, ya yox? Və əgər çatdırılıbsa, bu barədə onların rəyi və qərarı nə olmuşdur? Habelə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövlə ilə görüşüb ondan soruşun ki, mənim məktubum ona çatmışdır, ya yox? Şərəf sahibi olan cənabınızın dostluq cavabının yolunu gözləyirəm. 1858-ci il avqustun sonlarında, Tiflisdə şərafətli sərkar canişinin hüzurunda islam dilləri mütərcimi kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Akademik Dorna məktub Cənab Boris Andreyeviç! Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur. İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır. Yazının belə vəziyyəti onunla nəticələnir ki, müsəlman əhalisi arasında on min nəfərdən bir nəfər savadlı ancaq tapılır. Bu, onların savadlanmaq istəmədiklərindən deyil, həmin işin çətin başa gəlməsindən irəli gəlir. Qadınlar isə büsbütün savadsız qalırlar. Avropalılara gəldikdə, izah etdiyimiz çətinliklər üzündən onlar müsəlman dillərinin yazısını öyrənməkdə asiyalılardan daha çox əziyyət çəkirlər. Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi. Ancaq mən bu sadalanan çatışmazlıqlara hamıdan qabaq diqqət yetirdim və müsəlman əlifbasını dəyişmək qərarına gəldim: bütün nöqtələri atdım, yazılmayan saitləri əlifbaya daxil etdim, onlar üçün münasib fiqurlar ixtira etdim, əlifbanı çatışmayan hərflərlə təkmilləşdirdim. Hər hərf üçün xüsusi, nöqtəsiz fiqur tapdım, bir sıra lazımi durğu işarələri, düzgün yazmaq qaydaları və ən asan əlifba tədrisi metodikası təsis etdim. Xaraktercə köhnədən fərqlənməyən bu əlifba ərəb, fars, tatar (Azərbaycan – H.M.) dillərinin öyrənilməsi məqsədinə tam xidmət edə bilər. Həmin layihənin kitabını mən baxılmaq üçün artıq İran və türk saraylarına göndərmişəm. İndi isə bu layihəni sizin maarifpərvər diqqətinizə çatdırıram. Əgər mənim fikirlərim sizin təsdiqinizə layiq görülsə, xahiş edirəm onları müzakirə üçün elm sahəsində hər cür xeyirxah niyyətləri maarifpərvərcəsinə himayə edən imperator Elmlər Akademiyasına təqdim edəsiniz. Ümidvaram ki, ictimai fayda üçün Akademiya bu məsələyə diqqət yetirəcək və layihə barədə öz rəyini və qərarını bildirməklə məni şərəfləndirəcəkdir. Mənə elə gəlir ki, bəşəriyyət üçün faydalı olan bu iş müsəlman xurafatı mülahizələri ilə rədd edilməyəcəkdir. Ona görə ki, hicrətdən 300 il sonra müqəddəs kitabların yazıldığı kufi adlanan islam əlifbasının dəyişilməsinə yol verilmişdir. Dərin hörmət və hüdudsuz sədaqətlə, Kapitan Mirzə Fətəli Axundzadə. Qaf- qaz Canişini nəzdində Şərq dilləri dəftər- xanasının mütərcimi. Tiflis şəhəri 12 mart 1859-cu il * * * Mirzə Hüseyn xana Məhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla? Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox? Şövkətli cənabınız dostların könlü istədiyi kimi, öz arzunuza çatdınız. Bəs mən öz arzuma çatmayımmı? Cənabınız bilirsiniz ki, öz əməllərim və işlərim sarıdan xalqın yanında mənim heç bir təqsirim yoxdur. Belə olduqda, nə üçün gərək öz diləyimə çatmaqdan məhrum olum? Bəlkə belə buyurasınız ki, mənim diləyim olası işlərdən deyil. Lakin siz bunu Tiflisdə demirdiniz, bəlkə mənim qeybətimdə deyəsiniz? Mən İstanbula gəlməli olsam, indi çap olunmaqda olan yeddi təmsildən ibarət bütün əsərlərimi gətirəcəyəm. Rusiya səfirliyində mənim Henrexsin adlı bir dostum var, son vaxtlarda Konstantinopol səfirliyinin ikinci tərcümanı rütbəsinə təyin olunmuşdur. Ona bir məktub göndərirəm, onun çatdırılması haqqında hörmətli cənabınızın buyruğunu təvəqqe edirəm. Bu şərtlə ki, Henrexsinə buyurasınız ki, cavabını da sizin Mirzə Əbdürrəhim xana göndərəcəyiniz zərfə qoysun və o mənə çatdırsın. Ona görə ki, bundan əvvəl mən Henrexsinə bir məktub göndərmişəm, ancaq cavabını almamışam. Bu cəhətdən məndə bir şübhə yaranıbdır ki, ola bilsin Henrexsin cavab göndərib, lakin bizə məlum olan şəxs onu mənə çatdırmayıbdır. Mirzə Fətəli Axundzadə 10 noyabr 1859, Tiflis * * * Akademik Dorna cavab Həzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim. Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır. Əgər yuxarıda izah etdiyim ehtimal həyata keçirilərsə, mənim layihəmin müvəffəqiyyəti zamandan və habelə onu qəbul edən xalqın hər cür yeniliyə olan meylindən asılı olacaqdır. O zaman ümid etmək olar ki, mənim əlifbam elə bir xalqın vasitəsilə Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm. Bu ümidlə də mən öz işlərimi bitirdikdən sonra gələn payızda Konstantinopola getmək və öz əlifbamın layihəsini şəxsən Türkiyə hökumətinə təqdim etmək qərarına gəlmişəm. Buna görə də mən cənabınıza müraciətlə acizanə xahiş edirəm ki, o vaxta qədər sizin mənə olan mərhəmətinizin davam etdirilməsinin əlaməti olaraq, həmin bu layihəni imperatorluq Elmlər Akademiyasının müzakirəsinə verərək, eyni zamanda qeyd edəsiniz ki, bu layihədə ilk əvvəl qapıldığım ruh yüksəkliyinin təsiri altında yazılmış müqəddimə, yuxarıda göstərilən mötədil ruhda yazılmış müqəddimə ilə əvəz ediləcəkdir. Əgər akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamilə xoşbəxt hesab edərək, bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram. Məktubumun sonunda, komediyalarımdan ibarət olan kitabımın bir nüsxəsini sizə təqdim edib, onu qərəzsiz sədaqətimin və sizə dərin hörmətimin təzahürü kimi qəbul etməyinizi xahiş edirəm. Həzrət-əşrəfinizin sədaqətli xidmətçisi, Mirzə Fətəli Axundzadə 28 mart 1860-cı il, Tiflis. * * * A.F.Kruzenşternə Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi Fevral 1861-ci il 1834-cü ildə mən ruhani rütbəni buraxıb doğma yurdum Nuxadan Tiflisə gəlmiş və mərhum general baron Rozenin Baş idarə dəftərxanasında Şərq dillərinin yazılı mütərcimi vəzifəsinə təyin olunmuşam. O vaxtdan etibarən mən pulsuz olaraq Departament dəftərxanasının da fars dilində yazılı mütərcimlik vəzifəsini yerinə yetirmişəm. Elə hallar olmuşdur ki, hökumətin İran və Türkiyə sarayları ilə münasibətlərində mən Diplomatik dəftərxana işləri üzrə faydalı xidmətlər etmişəm: xüsusilə onlardan ən əhəmiyyətlisi 1842-ci ildə o zaman birinci dərəcəli kapitan olan qraf Putyatin ilə Astrabad körfəzinə, Türkmənistan sahillərinə, Mazandarana və Gilana ezamiyyətə getməyimdir ki, həmin ezamiyyət müvəffəqiyyətlə başa çatanda qraf Putyatin mənim təmənnasız davranışımdan və onunla təxminən yarımvəhşi tayfalar arasındakı faydalı vasitəçiliyimdən son dərəcə razı qaldı. Bundan əvvəl də 1839-cu ildə mən baş qərargahın zabiti kapitan Dançenko ilə Quri qəzası ilə Çürüksu malikanəsi arasındakı sərhəd nişanlarını təyin etmək üçün getmişdim. Bu ezamiyyətin heç bir müsbət nəticəsi olmasa da, biz altı ay ərzində bu iş üzrə çox zəhmət çəkdik və bədbəxt Dançenko yay fəslində Quri iqliminin zərərli təsiri nəticəsində öldü və mən də səhhətim pozulmuş halda Tiflisə qayıtdım. Mənim Diplomatik dəftərxana üzrə işimin müqabilində mərhum general Neydqart həmin dəftərxana hesabına mənə ildə 240 gümüş manat maaş təyin eləmişdi. 1848-ci ildə mən fars dili mütərcimi sifətilə general Şellinq ilə Tehrana ezam edildim. Bunlardan başqa Diplomatik dəftərxana xətti ilə ezamiyyətdə olmamışam, lakin o idarənin İran sarayı ilə çox mühüm yazışmalarını tərcümə etməkdə xeyirli xidmətim olubdur. 1851-ci ildə mərhum knyaz Voronsov Diplomatik dəftərxana hesabına mənim maaşımı 400 manata qədər yüksəltdi ki, bu məbləği mən keçən ilin dekabr ayınadək almışam. Bu vaxtdan etibarən Diplomatik dəftərxananın müdiri Tenqeborski maaşımı kəsib, acıqcasına mənə söylədi ki, Diplomatik dəftərxananın başqa yerlərdən asılı olmayan fars mütərciminə ehtiyacı var, mən isə Baş idarənin dəftərxanasında xidmətdə olduğum üçün eyni zamanda onun idarə etdiyi dəftərxananın mütərcimi ola bilmərəm. İran konsulu ilə yazışmaların farsca tərcüməsi vəzifəmi o, ştabs-kapitan Yüzbaşova, İran sarayı ilə olan ən mühüm yazışmaların tərcüməsini isə knyaz Canişinin moiyyətində xidmət edən qrafın mülki müşavirinə tapşırır. Mənim vəziyyətim olduqca çətinləşibdir: mən təminatımın təxminən üçdə birindən məhrum olmuşam. Halbuki, ədalət naminə, Diplomatik dəftərxanada uzunmüddətli xidmətimi nəzərə alaraq gərək məni incitməyəydilər, mən bu sahədə gələcəkdə də onlara xeyir verə bilərdim. Amma nə edəsən? İndi öz vəziyyətimi zati-alinin xeyirxah nəzərinə çatdırmağa cəsarət edib bildirirəm ki, Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xəzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbəyim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldığım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqafqaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb onların hörmətini qazandığım üçün mən, ölkənin adəti üzrə, onların möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq etməkdən boyun qaçıra bilmərəm. Bunun üçün də siz zati-alinin himayəsinə bel bağlayıb mənim ağır vəziyyətimi əlahəzrət canişin cənablarına çatdırmağı acizanə xahiş edirəm ki, o mərhəmətli cənab Baş idarə nəzdində qulluq edən yeganə müsəlmanı öz lütfkar nəzərindən məhrum etməsin... Mənim yaşamaq üçün heç bir vəsaitim yoxdur. Belə bir mərhəmətə layiq olduqda təkcə Baş idarənin deyil, Baş qərargahın və başqa yerlərin mənə bütün tapşırıqlarını sürətlə yerinə yetirməyimlə özümə haqq qazandıra bilərəm; ona görə yox ki, tərcüməçiyəm, ona görə ki, yazılı tərcümə sahəsində məndən yaxşısı yoxdur. Kapitan Mirzə Fətəli Axundzadə * * * Qeyd 1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır: Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”. Mirzə Fətəli Axundzadə * * * Həzrət Sədirətpənaha Həzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin! Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən Acizanə ərizədir Mən əvvəllər Qafqazın müsəlman mədrəsələrində oxumaqla məşğul olub, türk, fars və ərəb dillərini mümkün qədər öyrəndim və ondan sonra öz vətənim Şəki şəhərindən Tiflisə gəlib, burada rus dilini öyrəndim və böyük Rusiya dövlətinin xidmətinə daxil olub, Qafqaz sərdarlarının hüzurunda müsəlman dilləri mütərcimi vəzifəsinə təyin edildim. Xidmət zamanında belə mütaliə və tədqiqatdan uzaqlaşmadığıma görə köhnə islam əlifbasının çatışmaz cəhətlərini dərk edib, bu əlifbanı təzələməyə iqdam etdim və bu barədə xüsusi bir kitab yazdım. Bundan əlavə, müsəlman camaatının əksəriyyətinə məlum olmayan teatr tamaşaları fənnində altı pyes yazıb, bu sənətin şərtləri və qaydaları barədə gələcək təqlidçilər üçün yol göstərdim və habelə avropalıların üslubunda yazdığım bir hekayəni də “Təmsilat”a əlavə etdim. Hazırda imperatornəsəb, nəsli yüksək şahzadə Qafqaz canişini həzrətlərindən iki aylıq icazə alıb yaşadığım Tiflis şəhərindən darülxilafeyi İstanbula gəlmişəm. Yeni əlifba kitabını bir cilddə, qeyd etdiyim sənət üzrə “Təmsilat”ı və hekayəmi də digər bir cilddə Həzrətsədarətpənahınızın qədəmlərinə nisar edib, xahiş edirəm ki, böyük mərhəmət üzündən tapşırasınız ki, onları Darülelmin məşvərət məclisində müzakirə etsinlər və əgər yeni əlifbanın faydası barədə kitabın müqəddiməsində yazmış olduğum dəlillərim və habelə “Təmsilat”ın faydası haqqında onların müqəddiməsində gətirdiyim sübutlar, eləcə də onların özü və hekayə Darülelmin məşvərət sahiblərinin nəzərincə ağlabatan görünərsə və mənim zəhmətim bəyənilərsə, bu xüsusda mənim əlimə bir kağız əta etsinlər ki, öz yaşadığım yerə qayıdım və o kağızın sayəsində öz həmməzhəblərim qarşısında fəxr edib, yeni əlifbanı Qafqazın müsəlman əhalisi arasında tətbiq etmək üçün böyük Rusiya dövlətinin köməyini almağa haqq qazanım və bütün əhl-əyalımla bərabər, həmişə islamın pənahı olan padşahın şövkətinin artması üçün Həzrətsədarətpənahın səadətinin bərqərar olması üçün duagu olum. Bununla bərabər, sizə bunu da ərz etməyi özümə borc bilirəm ki, mənim “Təmsilat”ımın rus dilində tərcüməsi Rusiyada və Avropa ölkələrində nəşr olunmuş və onların tərifinə dair bir neçə məqalə çap olunaraq, Tiflisə gəlib çatmışdır. Onlardan biri Peterburqda, digəri Prussiyada çap olunmuşdur. Həmən iki mədhnaməni də cildlədib özümlə buraya gətirmişəm. Əgər Darülelmin məşvərət sahibləri istəsələr, nəzərdən keçirə bilərlər. İslam yazısının meydana gəlməsi barədə yazdığım bir tədqiqatı da yeni əlifbanın müqəddiməsinin məzmunu ilə əlaqədar olduğuna görə, həmin ərizəmlə sizə təqdim edirəm. Sizə ixlası olan ərizəçi: mayor Mirzə Fətəli Axundzadə Məhərrəm ayı, 1280-ci il [VI-1863] darül-xilafeyi-İstanbul * * * Yazılı məruzə (Kruzenşternə) Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 aprel 1863-cü il, Tiflis Kruzenşternə Zati-alilərinizə məlum olmamış deyildir ki, Şərq dillərinin inkişafı sahəsində mənim yorulmadan göstərdiyim fəaliyyət, iki çox mühüm xidmətimlə möhkəmləndirilmişdir. Bunlardan biri ondan ibarətdir ki, mən öz ədəbi əsərlərimlə indiyə qədər bizim ədəbiyyatımıza məlum olmayan dramnəvislik məktəbinin başında durmuşam. İkincisi isə ondan ibarətdir ki, Şərq dillərini öyrənmək işinin lap başlanğıcında bütün çətinliklərin səbəblərini tamamilə aradan qaldırmaq məqsədilə yeni əlifba yaradıb, sait hərfləri ona daxil etməklə nöqtələri də ləğv etmişəm. Mən öz əlifbamın layihəsini Peterburqda akademik Dorn və Parisdə Sarkin de-Tass kimi məşhur şərqşünasların mütaliəsinə təqdim etdim. Onların hər ikisi mənim əsərimi bütünlüklə təqdir edib, eyni halda mənə yazmış olduqları cavab məktublarında qeyd etdilər ki, mənim əlifbamın müsəlmanlar tərəfindən əsas qəbul edilməsi böyük çətinliklərlə əlaqədardır. Mən isə öz tərəfimdən onların mülahizələri ilə razılaşmaya bilməzdim. Ona görə də köhnə əlifbanın bütünlüklə yenisi ilə əvəz edilməsinin mümkün olacağı fikrindən əl çəkmək qərarına gəldim. Lakin belə bir güzəştə getməyi qət etdiyim halda, mən bu əqidəmdə sabit qaldım ki, köhnə əlifba ilə yanaşı, yeni əlifbanın öyrənilməsinə yol verilməsi son dərəcə faydalı bir iş olardı. Heç olmazsa, bu ona görə lazımdır ki, xarici dillərdən Şərq dillərinə tərcümə edilən kitablar həmin yeni əlifba ilə çap olunar. Burada məhz o cəhət nəzərə alınır ki, Şərq dillərində müvafiq qarşılıqları olmayan əcnəbi adları bizim köhnə əlifbanın hərfləri ilə lazımi surətdə dəqiq və düzgün vermək mümkün deyildir. Lakin burada daha mühüm bir məqsəd də vardır. Ev mühitində üzərinə çox mürəkkəb vəzifələr düşən qadın cinsinin ayrıca olaraq öz ana dilində savad öyrənməyə vaxtı və imkanı olmadığından, tamamilə savadsız qalır. Yeni əlifba isə onların işini xeyli asanlaşdırır və qadınlara belə bir imkan verir ki, çoxlu vaxt sərf etmədən, asan və tez bir zamanda savad öyrənib, bununla da məhdud və nisbi olsa da, maariflənmənin cəhalət üzərindəki üstünlük hüququndan bəhrələnmiş olarlar. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, mən belə bir qərara gəlirəm ki, Konstantinopola səfər edib, öz dram əsərlərimi və yeni əlifba layihəmi Konstantinopol Elmlər Akademiyasının müzakirəsinə verim. Buna görə də həzrət-əşrəfinizin himayəçiliyinə müraciət edib, acizanə xahiş edirəm ki, valahəzrət imperatorzadə böyük knyaz Qafqaz canişininin qarşısında vasitəçilik edəsiniz ki, oraya getmək üçün mənə, aldığım maaşın saxlanılması şərtilə iki aylıq məzuniyyət verilsin. Mən Tiflisdə olmadığım müddətdə vəzifəmin ifası kollegiya katibi qardaşım, Mirzə Mustafa Axundovun öhdəsinə qoyulsun. Bu xahişimə başqa bir xahişi də əlavə etməyə cəsarət edirəm. Həzrət-əşrəfiniz mənim üçün böyük knyazdan Konstantinopoldakı bizim Rusiyanın səlahiyyətli nazirinin üstünə bir tövsiyənamə almaq barədə təşəbbüsünüzü müzayiqə etməyin. Mənim səfərimin bütün müvəffəqiyyəti valahəzrət canişinin mənə bu yüksək mərhəmətindən o qədər asılı ola bilər ki, hətta türklər mənim əlifbama rəğbət göstərməsələr belə, bu mərhəmət mənim üçün çox qiymətli olaraq qalar. Çünki onlar, heç olmazsa, görərlər ki, böyük Rusiya dövlətinin xidmətində olan müsəlmanlar içərisində elə məlumatlı adamlar vardır ki, mükafatlara layiq görülüb və Zaqafqaziyanın ali mənsəb sahiblərinin hörmətindən faydalanırlar. Mən isə Tiflisə türklərin həyat tərzi və onların əxlaq və adətləri haqqında bollu yeni məlumat ehtiyatı ilə qayıdacağam. Akademik Dornun məktubunu bu ərizəmə əlavə etməyi özümə şərəf bilirəm. Bu xahişimin qəbul ediləcəyinə tamamilə əmin olduğuma görə, qeyd edilən səfər üçün mənə xarici pasport verilməsi haqqında lütfən sərəncamınızı xahiş etməyi də özümə şərəf bilirəm. Mən bu səfərimi qəsdən ona görə yay fəslinə salmışam ki, bu dövrdə valahəzrət canişin yaylaqda olur və beləliklə də, mənim şifahi tərcümə işlərimə lüzum qalmır. Zati-alilərinizə məlumdur ki, mərhum Tengeborskinin mənə qarşı olan bədxahlıq münasibəti nəticəsində əvvəllər aldığım maaşın üçdə bir hissəsindən məhrum olduqdan sonra maddi cəhətdən bir qədər çətinlik qarşısında qalmışam. Ona görə də sizə zəhmət verməyə cəsarət edib, xahiş edirəm ki, böyük knyaz imperator canişinindən mənə yol xərci olaraq, müəyyən bir məbləğ yardım edilməsi barədə vasitəçi olasınız. * * * A.F.Kruzenşternə Baş idarənin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 1863-cü il [a.f.]kruzenşternə İki ay müddətinə Konstantinopola getmək üçün valahəzrət imperator canişinindən icazə alaraq, özümə xarici pasport çıxarmışam və həmin may ayının sonlarında yola düşmək fikrindəyəm. Bununla əlaqədar olaraq, zati-alilərinizə müraciətlə, acizanə xahiş edirəm ki, mənə himayənizi başa çatdıraraq, valahəzrət imperator canişinindən Konstantinopoldakı Rusiya səlahiyyətli nazirinin ünvanına mənim barəmdə bir tövsiyə məktubu almaq üçün vasitəçi olasınız. Çünki mən tatar dilində yazdığım və alman jurnalı, fransız qəzeti və habelə bizim məşhur tənqidçimiz mərhum O.İ.Senkovskinin tərəfindən böyük tərifə layiq görülən altı pyesimi və bir hekayəmi Türkiyə Elmlər Akademiyasına təqdim üçün səlahiyyətli nazirimizin müsaidətinə müraciət etməli olacağam. Zati-alilərinizə məlum olmaya bilməz ki, mərhum Tengeborskinin mənə qarşı bədxahlığı nəticəsində, əvvəllər aldığım maaşın təxminən üçdə bir hissəsindən məhrum olduğum zamandan bəri, maddi vəziyyətim müəyyən dərəcədə ağırlaşmışdır. Ona görə də cənabınızı zəhmətə salmağa cəsarət edərək, eyni zamanda acizanə xahiş edirəm ki, bu səfər zamanı yol xərci üçün mənə bir qədər pul yardımı vermək barədə valahəzrət imperator canişininin sərəncam verməsi haqqında da vəsatət edəsiniz. * * * Xüsusi qeydlər “Təmsilat” və “Yeni əlifba” kitabçasını bağışladığım adamların siyahısı. Bu barədə ərizə verməyimin şərhi də burada qeyd edilmişdir. 1863-cü il 8 iyul tarixində Batum qəsəbəsində Lazıstan sancağının qaimməqamı Osman Şövqi əfəndiyə “Təmsilat”dan bir cild və “Yeni əlifba”dan da bir nüsxə hədiyyə verdim. Hicri 1280-ci il [1863], məhərrəm ayının 28-də çərşənbə günü, polkovnik Boquslavski vəziri-muxtar Mirzə Hüseyn xanın evinə gəlib məni qayığa apardı. Əvvəlcə xarici işlər naziri Ali paşanın evinə getdik. Bizə çox hörmət etdi. Bir cild “Təmsilat” və “Yeni əlifba”nın nümunəsini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də vəzirə verdim. Trabzon valisi Məhəmməd Əmin paşanın məktubunu da yetirdim. Əvvəldən axıra qədər oxudu. Sonra mənə suallar verməyə başladı. Səfərimin məqsədini söylədim. Əlifbanı da göstərdim. Çox xoşuna gəldi. Və təbəssümlə buyurdu: “Gözəl şeydir. İstanbulda on il bundan əvvəl bəziləri bu məsələni başa düşüb, bir məclis də təşkil etmişdilər. Lakin sonra iş yarımçıq qaldı”. Sonra qalxıb Sədr-əzəmin hüzuruna getdik. Fuad paşa bizi öz xüsusi otağına dəvət etdi. Trabzon valisinin məktubunu ona verdim. Sonra isə qəsidəmi təqdim etdim. Hamısını oxudu və dedi: “Şerin əsası yalan üzərində qoyulubdur; çünki onun ən çox yalan olanı ən yaxşısı hesab olunur. Yazdığın bu keyfiyyətlər məndə yoxdur”. Mən ərz elədim ki: “Sədr-əzəmin yaxşı sifətləri mən yazdığımdan qat-qat artıqdır, ancaq mənim dilim bütün bu keyfiyyətləri sayıb-söyləməkdən aciz qalmışdır”. O güldü. Sonra əlifbanı göstərdim və onun lüzumu barədə bəzi dəlillər gətirdim. Buyurdu ki: “Maarifi-ümumiyyə məclisinə veririk. Orada müzakirə edərlər. Yaxşı şeydir. Həqiqətən faydası tamamilə göz önündədir”. Sonra polkovnik Boquslavskiyə buyurdu ki, “Maarifi-ümumiyyə rəisi Ədhəm paşanı tanıyırsınızmı?” Boquslavski dedi: “Tanışlığım yoxdur”. Sədr-əzəm dedi: “Axundzadəni onun yanına aparmaq lazımdır”. Boquslavski dedi: “Apararam, əvvəlcə özümü tanış edərəm, sonra isə Axundzadəni”. Bu zaman qəhvə gətirdilər və çubuq verdilər. Təsadüfən ticarət naziri, yəni ticarət vəziri Səfvət paşa məclisə təşrif gətirdi. Ayağa qalxıb ona hörmət etdik. Sədr-əzəm məni onunla tanış etdi və dedi ki: “Yeni əlifba ixtira etmişdir”. Səfvət paşa əlifbanı görmək istədi. Qitəni hüzuruna aparıb göstərdim. Bəyəndi və təsdiq etdi. Bundan sonra sədr-əzəm gülümsəyərək buyurdu ki: “Şahin bəyi çağırın!” Şahin bəy gəldi. O, xoş görkəmli bir cavandır, sədr-əzəmin adyutantıdır. Sədr-əzəm ona dedi: “Axundzadə də sizin həmyerlinizdir, onu tanıyırsanmı?”. Şahin bəy dedi: “Xeyr, tanımıram”. Sədr-əzəm mənə üz tutub dedi: “Bu, şirvanlıdır”. Mən dərhal dedim: “Ömər bəy Şahpələngin bacısı oğludur?”. Dedi: “Bəli”. Mən təəccübümdən sinədən bir ah çəkdim. Sədr-əzəm çox güldü. Bu zaman Boquslavski artıq ayağa qalxmışdı. Biz baş əyib çıxdıq və mənzilə getdik. Məşvərətxanada müzakirə üçün “Təmsilat”dan dörd cild sədrəzəmə təqdim etdim. Əlifba kitabçasını da, Mirzə Əbutalibin xətti ilə yazılmış üç qitə ilə birlikdə ona tapşırdım. “Təmsilat”dan bir cild, əlifba əlamətlərini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də onun özünə verdim. “Təmsilat”dan vermişəm: Ömər bəyin bacısı oğlu Şahin bəyə iki cild türkcə (azərbaycanca), iki cild isə rusca verdim ki, onlardan birər cild Ömər bəyə göndərsin. Dövləti-əliyyeyi-İranın səfiri Mirzə Hüseyn xana və cənab Ruhülqüds Mirzə Melkum xana, hər birinə bir nüsxə verdim. Yüksək Osmanlı dövlətində xarici dövlətlərlə aparılan yazışmaların başçısı Münif əfəndi cənablarına bir nüsxə, Xarici İşlər Nazirliyinin baş mütərcimi Arif cənablarına bir nüsxə təqdim etdim. “Təmsilat”dan bir nüsxə əlifbanın hərfləri ilə bərabər, sabiq sədr-əzəm Yusif paşa cənablarına təqdim etdim. Ədliyyə rəisinə bir nüsxə “Təmsilat” və əlifba hərflərini, Trabzon valisi Məhəmməd Əmin paşanın yazmış olduğu kağızla bərabər verdim. Maarifi-ümumiyyə naziri Ədhəm paşaya Tiflisdəki Osmanlı konsulu Pərtöv əfəndinin məktubunu çatdırıb, bir nüsxə “Təmsilat” və əlifbanın hərflərini bağışladım. Ticarət naziri Səfvət paşa cənablarına bir nüsxə “Təmsilat” və “Yeni əlifba” hərflərini verdim. “Təmsilat”dan bir nüsxə fərraşbaşı Hacı Əzim bəyə və bir nüsxə də polkovnik Boquslavskiyə verdim ki, Şərq dillərində kitabxanası olan bir nəfər almana çatdırsın. 1863-cü ilin 10 iyul çərşənbə günü sədr-əzəmin fərmayişi ilə məni Məcmueyi-fünun məclisində toplanan mərifət sahiblərindən bir neçə nəfərin hüzuruna çağırdılar. İstanbulda Xarici İşlər Nazirliyinin baş mütərcimi Münif əfəndi bu məclisin sədri idi. Münif əfəndidən başqa orada: birinci, Sədulla əfəndi adlı 20 yaşlı gözəl bir cavan var idi ki, o, sabiq Ərzurum valisi Əsəd paşanın oğludur. İkinci, Qədri bəy, üçüncü, ermənilərdən Avanes bəy, dördüncü, rumlulardan, yəni yunanlılardan Aleksandr bəy, beşinci, adını bilmədiyim bir nəfər fransız da hazır idilər. Hamı müsəlman dillərini və fransızcanı bilirdi. Mən yeni əlifbanın düzgün iş və lüzumlu tədbir olması barədə istənilən dəlilləri söylədim. Hamı mənim sözlərimi bir səslə təsdiq edib dedilər ki: “Biz də bir neçə il bundan əvvəl islam əlifbasının yarıtmazlığını başa düşüb, onun hərflərini Avropa əhalisinin işlətdiyi əlifba üslubu əsasında dəyişdirib, bitişməyən hərflərdən ibarət bir əlifba düzəltdik. Lakin onu yüksək olan dövlətimizə təqdim etməyə cəsarət etmədik”. Mən dedim: “Bitişməz hərflər köhnə islam əlifbasından tamamilə fərqlənir. Şübhəsiz ki, xalq kütlələri bitişməz hərflərin tətbiqindən qorxuya düşər və Qurani-şərifi bitişməz hərflərlə yazmaq olmaz. Bundan başqa kəlmələr həddindən artıq uzun yer tutar və onlar sağdan-sola yazıldıqda çox yavaş yazıla bilərlər. Lakin mənim yeni əlifbamda hər cür dəyişiklik əski hərflər əsasında qurulmuşdur və köhnə hərflərdən tamamilə fərqlənən bir şəkil belə buraya daxil edilməmişdir. Onun yazılış üsulu da köhnə əlifbanın yazılış üsuluna tamamilə uyğundur. Buna görə də xalqı qorxuya salmaz”. Hamı mənim sözümü qəbul etdi. Bu danışıqdan sonra məclisdəkilərdən biri olan rumlu Aleksandr bəy dedi: “Türk və fars dillərinin doğrudan da eraba (saitlərə) ehtiyacı vardır. Lakin özünəməxsus sərf və nəhvə, vəznlərə malik olan ərəb dilində saitlərin yazılışına heç bir ehtiyac yoxdur”. Bu etirazın müqabilində mən ərəbcə bir sətir hərəkəsiz yazı yazıb, ona verdim və dedim: “Siz ərəbcə bilirsiniz və buradakı kəlmələrin sərf və nəhvi də sizə məlumdur. Ərəb dilində hərəkəsiz yazdığım bu bir sətri oxuyun!..” O, oxumağa başladı. Lakin bir kəlməsini düzgün oxuya bilmədi. Bu zaman mən dedim: “Sənin sözünün əsassızlığının sübutu budur ki, sərf və nəhv və habelə vəznləri bilmək bu bir sətri oxumaq işində sənə kömək etmədi”. Cavab verdi: “Mənim sözümün doğru olmadığı bununla sübut edilə bilməz. Oxuya bilməməyim ancaq onu göstərir ki, mən ərəb dilinin sərf və nəhvini və vəznlərini yaxşı bilmirəm”. Mənim ovqatım təlx oldu. Lakin özümü nalayiq hərəkətdən saxladım və bu Aleksandr bəyin cahilliyinə və nadanlığına heyrət edərək, susmağı məsləhət bildim. Məclisin müzakirəsi başa çatdı. Məclis üzvləri qərara aldılar ki, bu, əlifbanın ümumi faydası tamamilə göz önündədir, söz verdilər ki, biz anlayıb-bildiklərimiz haqqında bir bəyanat yazıb, sədr-əzəmə təqdim edəcəyik. Mən dedim: “Yeni əlifba haqqında sizdə yaxşı fikirmi, yoxsa pis fikirmi əmələ gəldi?”. Dedilər: “Xeyr, necə yəni pis fikir? Pis fikir ola bilməz. Əksinə, biz yaxşı fikrə gəldik”. Dedim: “Ümid edirəm ki, onun ərəb dili üçün də vacib olduğunu qeyd edəcəksiniz”. Mənim bu fikrimə kifayətləndirici cavab vermədilər. Məclisin sədri Münif əfəndi dedi: “Möhlət verin, siz gedəndən sonra öz aramızda da bu məsələni götür-qoy edək!”. Qədri bəy dedi: “Yaxşı olmazmı ki, bir daha iclas edək?”. Mən bir söz demədim və ikinci iclasın çağırılmasına meyl göstərmədim. Məclisdə əyləşən cənablar mənim haqqımda lazım olan hörmət və ehtiramı yerinə yetirdilər. Hətta, mənə bir cild kitab da bağışladılar. Ancaq bilmirəm nədir. Mənzilə qayıtdıqdan sonra fikrim özümdə deyildi. Ona görə də kitabı oxumağa meyl göstərmədim. Onu düşünürdüm ki, nadan Aleksandr bəyin mənasız etirazını hansı dəlillərlə puça çıxara bilərəm. Bu zaman hatifi-qeybi qəlbimə bir dəlil ilham etdi. Həmən saat qaralamasını yazıb, katibimə verdim ki, üzünü köçürsün. Sonra onu zərfin içinə qoyub bağladım və hamin günün səhəri, dünənki məclisin sədri Münif əfəndiyə göndərdim. Cavabı mənə çatdıqdan sonra sakit oldum. Çünki hərifə necə ki, lazım idi qələbə çalmışdım. * * * 1863-cü il avqust ayının 4-də İstanbulda Münif əfəndinin tapşırığı ilə sədr-əzəm Fuad paşanın yanına getdim. Sədr-əzəm hələ hərəmxanadan çıxmamışdı. Kəhya bəyin otağında oturdum. Lakin Kəhya bəydən o qədər də səmimiyyət görmədim. Bunun səbəbi də zənnimcə “Kuryer de Oryan” qəzetinin yazdıqları idi. Bir saatdan sonra Şahin bəy gəlib mənə dedi: “Sədr-əzəm eşik otaqdadır, onun yanına get!”. Qalxıb getdim. Sədr-əzəm məni görən kimi ayağa qalxdı və özü oturduğu yerdən yuxarıda mənə yer göstərdi. Əyləşdim. Lazım olan rəsmi təvazökarlığı yerinə yetirdi. Lakin sədr-əzəmin hərəkətlərində də onun birinci görüş günündə mənə göstərdiyi səmimiyyəti duymadım. Görünür ki, bunun da səbəbi yenə “Kuryer de Oryan”ın yazdıqları idi. Sədr-əzəm əvvəlcə əhval soruşdu. Təşəkkür və dua etdim. Bir qədərdən sonra dedi: “Sizin əlifbaya Məcmueyi-ülum iclasında baxmışlar. Çox bəyənib tərif etmişlər. İnşallah, dövlət tərəfindən də təqdir olunar, yəni qədri bilinər. Çox faydalı bir əsər və yadigardır”. Mən ərz etdim ki: “Pak Allah həzrətləri həzrətinizin ömrünü və dövlətini artıq eləsin ki, cənabınızın sədrlik dövründən islam xalqları üçün belə bir faydalı yadigar qalacaqdır. Hal-hazırda islam xalqlarının tərəqqisi üçün əlifbadan əhəmiyyətli və lazımlı bir şey yoxdur. Köhnə əlifba elmləri öyrənmək qapısını bütün xalqın üzünə bağlamışdır. Yalnız əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da çox çətinliklə müyəssər olur”. Sədr-əzəm dedi: “Doğrudur!” Lakin onun danışığında və simasında birinci görüş günündə olan səmimiyyət görünmürdü. Sonra mən dedim: “Sərkar Qrandukdan iki aylıq icazə almışam, vaxtım bitmişdir, xahiş edirəm ki, əlifba haqqında söylədiyiniz bu məsələlər barədə, lütfən, tapşırıq verəsiniz ki, mənə bir yazılı sənəd versinlər ki, vətənə qayıtdıqdan sonra mənim fəxr etməyimə bais olsun”. O dedi: “Çox yaxşı, bir neçə gündən sonra belə bir məktub yazılar və dövlət tərəfindən də sizə bir şey, bir nişanə yetişər”. Mən təşəkkür və dua edib dedim: “Əgər sədr-əzəm əfəndiniz məsləhət bilərsə, əlifbadan daha bir nüsxə hüzurunuza təqdim edim ki, məktubunuzla bərabər Misir valisi İsmayıl paşaya göndərəsiniz”. Dedi: “Çox yaxşı olar”. Dərhal əlifba haqqında kitabdan bir nüsxə və “Təmsilat”dan iki nüsxə verib ayağa qalxdım və baş əydim. Sədr-əzəm də ayağa qalxdı. Dua və təşəkkürlər edib, mürəxxəs oldum. Hələ onu qeyd etməmişəm ki, bu məclisdə də qəhvə və çubuq verdilər. Əlifba haqqında bunu da demişəm ki: “Yeni əlifbanın tətbiqi ilə sərf və nəhvi atmaq heç də lazım deyildir. Necə ki, firənglərin saitli əlifbası olmaqla bərabər, dillərində sərf və nəhv də vardır. Doğrudur, sərf və nəhv oxunuşda lazım olmur. Ancaq o, inşa üçün lazımlıdır. Belə ki, əgər bir nəfər yazsa (Məsciddən çıxdım, bazara sarı getdim), əgər nəhvi bilməzsə, ya “xərəctə”, ya da “xərəcti” yazacaqdır. Həmin gün İstanbula Münif əfəndinin yanına getdim və əhvalatı xəbər verdim. O dedi: “Çox yaxşı olmuşdur”. Bir-iki gündən sonra sədrəzəmin möhrdarı Şövqi bəyi görüb, ondan cavab almaq lazımdır. Səfər ayının on ikisində çərşənbə günü yenə də əlifba haqqında Məcmueyi-fünun məclisində çoxlu adamlar toplanıb iclas etmişlər. Məclis rəisi Münif əfəndi belə söylədi: – Keyfiyyəti üç məsələyə bölüb müzakirə etdik. Birinci, bizim qədim əlifbanın qüsuru var, ya yox? Məclis üzvləri bir səslə dedilər ki, qüsuru vardır. İkinci, bu qüsuru aradan qaldırmaq üçün Mirzə Fətəli Axundzadənin yazıb düzəltdiyi yol lazım və yararlıdır, ya başqa bir yol aramaq lazım gəlir? Bəziləri dedilər: – Axundzadə yaxşı yol tapıbdır, onu qəbul edək. Bir parası da dedilər: – Xeyr, Axundzadənin yolundan yaxşı bir yol tapmaq olar. İki nəfər də dedi ki, qüsuru aradan qaldırmağı biz yalnız türk və fars dillərində cayiz bilirik, çünki ərəb dilinin təkmilləşməyə ehtiyacı yoxdur. Ona görə ki, ərəb dilinin sərf, nəhv və vəznləri vardır, xəttinin təkmilləşməyə ehtiyacı yoxdur. Ərəb dilində vəznlərin köməyi ilə cümlələri düzgün oxumaq olar. Bu iki nəfərdən biri Rum tayfasından, yəni yunanlı Aleksandr əfəndi və o birisi alman idi. Bu vaxt məclisin üzvlərindən sağlam zehnə malik olan bir alim, təəssüf ki, adını bilmirəm, bu iki axmağın iddiası müqabilində heç bir rədd cavabı verməyib, yalnız söylədi ki, ehtimal ki, bu həzəratın sözləri doğru olsun. Biz onu bu saat görə bilərik. Otağın taxçasından məclisə bir ərəb kitabı gətirin, verək bu ağalar onun bir səhifəsini oxusunlar, əgər düzgün oxusalar, onda bilərik ki, haqq buyurublar. Məclisin bütün üzvləri güldülər və bildilər ki, o düşüncəli və təmiz niyyətli alim tərəfindən müddəini bu cür sakit etmək bütün dəlillərdən daha təsirlidir. Üçüncüsü, əgər əlifbanı təkmilləşdirməni, ya Axundzadənin təklif etdiyi yolla və ya yenidən tapılacaq yolla, vacib hesab ediriksə, millət arasında onun icrası necə olmalıdır? Sabiq xətti birdəfəlik və ani surətdə tərk etmək olmaz. Yeni xətt tədriclə millət arasında yayılmalıdır. Məsələn, dövlət tərəfindən hökm verilər ki, yeni xətti məktəblərdə öyrənsinlər, qəzetlərdə də çap olunar, dövlət ona kömək edər, dövlətin himayəsi altında bir nəfər və ya bir müəssisə yeni xətti yaymağı öhdəsinə götürər, çapxana açar, bir sıra münasib kitabları yeni xətlə çap edər. İstanbul qəzetlərindən birini də həmişə yeni xətlə nəşr edər. Neçə il keçdikdən sonra xalq yeni xətlə tanış olduqda qədim xətt özözünə aradan gedər. Münif əfəndi dedi ki, bu müzakirəni mən yazılı surətdə söyləyəcəyəm və üzünü yazıb gələn çərşənbə günü məclisin üzvlərinə verəcəyəm ki, hər birisi öz rəyini yazıb qol çəksin, sonra o müzakirənin keyfiyyətini cənab sədr-əzəmə təqdim edəcəyəm. * * * Əli xana [Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır] Mənim əziz ağam, səadətiniz daimi olsun! “Əgər pak Allahdan qorxmazsam, qarşımda Kavusla bir ovuc torpaq arasında fərq olmaz”. Əgər mən Etizadüssəltənənin bizdən inciməsindən qorxmasaydım və ya bilsəydim ki, Etizadüssəltənə bu zarafatdan inciməz və ya yəqin etsəydim ki, bu zarafat Etizadüssəltənədən gizli qala biləcəkdir, o zaman, bu misraları Məşədi Kazıma göndərərdim ki, Əliağa cənablarına çatdırsın. Hər halda misraları saxlayacağam, görüm əlifbadan nə xəbər çıxacaqdır. Fərqi yoxdur, istər ümidverici xəbər, istərsə də məyusedici xəbər olsun, hər halda mənim zənnimcə onları göndərmək mümkündür. Həm də bu iş məzəsiz olmaz. * * * Dünən Rey paytaxtından araq düşkünü miskin bir qoca gəldi. Nəcabətdə əllafın nəvəsi, axmaqlıqda Həbənnəqədən də artıq idi. Dedi: – Dövlət tərəfindən Fransaya məmuram. Yaradan Allaha and olsun ki, bu xəbər məni yandırdı. Əliağa, həyəcanı dəf etmək üçün mənə bir içim su ver! Bu axmaq qalxdı ki, ayüzlü gürcü qızını öpsün. Dərhal arağın təsirindən onu qusmaq tutdu. Taqəti gəldikcə, ağzından............. O, xaçpərəst qızın üzünə.............. Təsadüfən özü də yağlı bozbaş yemişdi. Qız dərhal ayağa qalxıb dedi: – Sənə yüz dəfə Allahın lənəti olsun! Tiflisdən ayaqyalın getdi. Müxtəsər, türkcə desəm, çılpaq getdi. Dedi: – Mən soyuqdan qorxmuram. İndi mənə nə bürüncək lazımdır, nə də kürk. Ey Əliağa, nə qədər səvab olar ki, ona bir arxalıq göndərəsən. Qafiyə qıtlığıdır, yoxsa mən ona daha layiqincə tərif yazardım... Aligövhər cavanın tərifi əsasında, zövqümüzün uyğunluğu üzündən cənabınıza görüb-görüşmədən məhəbbət bəsləyib bu misraları da könlünüzü açmaq üçün sizə türkcə əsərlərimin bir cildi ilə bərabər göndərərək, əziz görüşümüzün arzusu ilə yaşayıram. Sizə ixlası olan Mirzə Fətəli * * * Mirzə Əbdülvahab xana Naibül-vəzarə Mirzə Əbdülvahab xan cənablarına Mirzə Fətəli tərəfindən yazılmış məktubun surəti Şəniyüksək və əzəmətli ağam, səadətiniz daimi olsun! Tiflisə qayıtdıqdan sonra cəlal sahibi olan cənabınızla görüşümün təfsilatını müqərrəbül-xaqan Mirzə Yusif xan cənablarına nəql etdim və sizin çoxlu salamınızı ona yetirdim. Mənə göstərdiyiniz məhəbbət və mehribanlığın dərəcəsini ona söylədim. Sizin farsca və ərəbcə elmlərdə, şeir sənətində, tarix sahəsində dərin məlumat sahibi olduğunuzdan vəcdə gəlib valeh olduğumu, söhbətinizdəki şirinliyi, kəlamınızdakı fəsahəti, rəftarınızdakı səmimiliyi və sevimliliyi ona bəyan etdim. O mənim dediklərimi təsdiq etdikcə, mən daha artıq tərif edirdim. Hələ indi də sizinlə görüşümün xəyalı ilə gecələri gündüzə, gündüzləri gecəyə çatdırıram. Sizinlə bir yerdə olduğum saatları xatırladıqca mənəvi ləzzət alıram və yəqin ki, hələ bir müddət də bu ləzzətlə yaşayacağam. Müqərrəbül-xaqan Mirzə Yusif xana cəlal sahibi olan Cənabınızın “Kəmalüddövlə” kitabını görmək istədiyinizi söylədim. Soruşdu: “O haradan bilmişdir?” Dedim: “Mələksifət və mücəssəm ruh Hacı Şeyx Möhsüm xan xəbər vermişdir!”. Könül mülkümü məhəbbəti ilə fəth etdiyinə görə hərçənd ki, mən bu dünyada onun gözlərindən öpmək arzusundayam, lakin axirətdə ətəyindən tutub şikayət edəcəyəm ki, mənim barəmdə böyük böhtan söyləmiş və mən yazığı bu əsərin müəllifi kimi qələmə vermişdir. Bir halda ki, əsərin müəllifləri olan Hindistan şahzadəsi İqbalüddövlə Övrəng-Zib oğlu və İran şahzadəsi Şücaüddövlə Zillü-Sultan Əlişah oğlu, hər ikisi oturmuşlar Bağdadda və bir-birilə mehriban dost və həmməclisdirlər. Əgər onlar adlarını dəyişərək, biri adını Kəmalüddövlə, digəri isə Cəlalüddövlə qoymuşsa, burada mənim günahım nədir? Siz özünüz insafla deyin! Peşkəş sözünü şərh etməkdə və onun mənasını açıb söyləməkdə Xarici İşlər nazirinin təqsiri nə idi ki, nazirlər bu məsələdə onu müqəssir hesab etdilər? Bir halda ki, mən indi bilirəm ki, bu söz hansı açıqfikirli alimin xəyalatının nəticəsi imiş, vəzir isə bundan xəbərsiz idi. Bu kitab barədə mənim də təqsirim ondan ibarətdir ki, mən onu tənqid etmək üçün farscadan türkcəyə tərcümə etmişəm və inşallah ona tənqid də yazacağam. Mənim türkcə tərcüməmdən isə, bilmirəm kim onu yenidən əslində olduğu fars dilinə tərcümə etmişdir. Hər halda, Mirzə Yusif xan o əsəri sizə göndərməyi əsirgəmir. Lakin bir neçə şərt düşünmüşdür ki, həmin şərtlərə riayət olunarsa, əsəri göndərəcəkdir. Onun bu xüsusdakı fikri isə düzgündür. Bir də ki, mən öz böyük atam Lələbaşını özümdən incik salmışam. Özüm də günahımı etiraf edirəm. Özümü valideynini incitmiş övlad hesab edirəm. Nə edim ki, ox kamandan çıxmışdır. İndi isə, barışıb üzr istəmək üçün fikir-xəyalımı bir vasitə axtarmaq yolunda işə salıram. Ancaq belə bir vasitə tapa bilmirəm və aciz qalmışam. Sizin incəliyi sezən fikriniz və həssas zehniniz bu xüsusda bir əlac taparsa, yaxşı olar. Sonra, əgər mənim ixlasımı bildirən bu məktubuma cavab yazmaq meylində olsanız, “Kəmalüddövlə”ni oxuyub qurtarıncaya qədər təxirə salın. Çünki mən güman edirəm ki, ondan sonra daha cavab yazmazsınız. Çünki mən yazıq hazırda sizin məhəbbət kanı olan könül bağçasında tutduğum bir guşəni həmin əsəri oxuduqdan sonra da saxlaya biləcəyimə xatircəm deyiləm. 1283-cü il məhərrəmül-həramın son- larında [1866] Tiflisdə cəlal sahibi olan cənabınıza ixlas bəsləyən Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Şərtnamə Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir: Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır. Hər hansı bir dildə hər dəfə on min nüsxədən az olmayaraq, çap olunduqda kitabın 20-ci çapına qədər çap xərcləri və kitabsatanların əmək haqqı çıxıldıqdan sonra ələ gəlməsi ehtimal olunan gəlirin yarısını, kitabın üzünü köçürən, müəllifə verməli və əgər müəllif ölərsə, onun varisinə çatdırmalıdır. 20-ci çapdan, yəni həmin əsərdən 200 min nüsxə çap edildikdən sonra bu əsərin bütün dillərdə çap edilmək hüququ, şəriksiz olaraq, əsərin üzünü köçürənə və ya onun varisinə məxsusdur. Bu əsərin çap olunacağı mətbəənin sahibi qüdrətli Fransa dövlətinin təbəəsi olmalı və onunla müəllif Mirzə Fətəli Axundzadə və əsərin üzünü köçürən müqərrəbül-xaqan Mirzə Yusif xan arasında belə bir şərt qoyulmalıdır ki, əgər Osmanlı, Misir və ya İran ərazisində bir nəfər qəsbkarlıqla, göstərilən iki dildən birində bu əsəri çap etməyə iqdam edərsə, o zaman mətbəə sahibi öz dövlətinin konsulları vasitəsilə, mövcud qanunlara əsasən, qəsbkarı məhkəməyə cəlb edib, haqqında qanuni cəza hökmünü icra etdirsin. Bu şərtnamənin surəti Paris məhkəmələrindən birinin imzası və möhürü ilə təsdiq olunub, müəllifə göndərilməlidir ki, onun əlində sənəd olsun. Bundan başqa, həmin şərtnaməyə əsasən, əsərin üzünü köçürən, bu əsər barədə başqa şəxslərlə bağlamış olduğu hər bir şərtnaməni və ya başqa bir sənədi yenə də müəllifin və özünün adından şərikli bağlamalı və onun surətini də imzalanmış və möhürlənmiş halda müəllifə göndərməlidir. Qüdrətli Fransa dövlətinin təbəəsi olan mətbəə sahibi öz adını farsca, türkçə və fransızca çap olunan kitabların sonunda, ya əvvəlində çap edib, bildirməlidir ki, bu əsər ona Hindistandan göndərilmişdir və onu icazəsiz çap etdirmək ixtiyarı heç kəsə verilmir, əks təqdirdə, müqəssir məsuliyyətə cəlb olunacaqdır. Başqasının əsərini çap etdirməyin qadağan olması barədə xüsusi qanunun mövcud olmasından xəbərsiz olan müsəlmanları həmin əsəri icazəsiz çap etməkdən ancaq bu kimi elanlar vasitəsilə çəkindirmək olar. Mətbəə sahibi olan həmən fransızın Osmanlı, Misir və İran ölkələrində xüsusi kitabsatanları olmalıdır ki, kitabı bildiyi vasitələrlə onlara göndərsin və onlar kitabın göndərilən nüsxələrini satdıqdan sonra öz əmək haqlarını çıxıb, pulun qalanını mətbəə sahibinə çatdırsınlar ki, o da imzaladığı şərtnamə əsasında həmən məbləğin yarısını müəllifə və əsərin üzünü köçürənə versin. Həm də kitabsatanların bu əsəri icazəsiz çap edənlər üzərində ciddi nəzarəti olmalıdır ki, icazəsiz nəşr məsələsi kəşf olunduqda dərhal mətbəə sahibinə xəbər versinlər. Həmən fransız adam farsca çap olunan bu kitabları Əfqanıstana, Hindistana, Bəlucistana, Xorasana və əhalisi farsca oxuyub başa düşən və Fransa dövlətinin əlaqəsi olan hər bir yerə göndərib satdırmalıdır. Bu cəhətdən təkcə Rusiya dövləti ərazisi müstəsna tutulur ki, buraya bu kitabdan əsla göndərilməməlidir. Həmən fransızın özünün belə əmin adam olması barədə hər vasitə ilə olursa olsun əsərin üzünü köçürən zəmanət əldə etməli və həmən zəmanətnamənin imzalanıb, möhürlənmiş surətini müəllifə verməlidir. Həmin fransız kitabın başlanğıcında aydın bir surətdə yazmalıdır ki, həmin nüsxə kitabın neçənci çapına məxsusdur. Əgər bir nəfər bu əsəri ərəbcəyə və ya Avropa dillərindən birinə tərcümə etmək istərsə, əsərin üzünü köçürənə ixtiyar verilir ki, bu işə məsləhət bildiyi qiymət və şərtlərlə icazə versin və bu yol ilə əldə etdiyi gəlirin yarısını onunla mütərcim arasında bağlanmış sənədin imzalanıb möhürlənmiş surəti ilə bərabər müəllifə göndərsin. Hər kitabın əvvəlində onun satış qiyməti sözlə yazılmalıdır. Ciddi diqqət yetirmək lazımdır ki, kitablar gözəl və oxunan xətlə çap olunsun və onlarda səhvlərə, artıq-əskiyə yol verilməsin. Kitabın nüsxələrindən heç birisində müəllifin və əsərin üzünü köçürənin adı çap edilməməlidir. Lakin əsərin üzünü köçürənin öz dostlarından birinə yazmış olduğu məktubdan iki, ya üç şərt atıldıqdan sonra hər bir nüsxənin sonuna əlavə olunmalıdır ki, əsərin yazılmasının səbəbləri məlum olsun. Bu məktubda isə müəllifin adı əvəzinə Kəmalüddövlə və əsərin üzünü köçürənin adı yerinə həmin mətbəə sahibi fransızın adı yazılmalıdır və belə göstərilməlidir ki, guya bu məktubu həmin fransız adam dostlarından birinə yazmış və Kəmalüddövlənin məqsədini ifadə etmişdir. Əsərin üzünü köçürən, bu əsərin çap edilməsi hüququnu nə qiymətə olursa olsun, başqa adama satmaq ixtiyarına malik deyildir. Bu şərtnamə müəllifin və əsərin üzünü köçürənin tərəfindən imzalanıb möhürlənməli və iki nəfər etibarlı şəxsin şahidliyi ilə təsdiq edilib, onların arasında mübadilə olunmalıdır. İkinci sərtib Mirzə Yusif xan Mayor Mirzə Fətəli Axundzadə Titulyar müşavir Molla Hüseyn Qayibov * * * Şərtnamə Birinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir. Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir. Tərcümələr və əsas mətn çapdan çıxanda cənab Berje onların hər birindən mənə 10 nüsxə iltifat etməlidir. Mən ölərsəm, həmin şərtnamənin birinci bəndindəki mənə şamil ixtiyarat qanuni varisimə keçir. İkinci. Mən, aşağıda imza edən həqiqi mülki müşavir Adolf Berje birinci bənddəki şərtlərlə tamamilə razıyam və buradakı bütün təkliflərin büsbütün və qeyd-şərtsiz həyata keçirilməsi üçün səy göstərməyi öhdəmə götürürəm. Üçüncü. Bu şərtnamə bütün qanuni formaya riayət olunmaqla iki nüsxə yazılmışdır ki, bunlardan biri Axundzadədə, digəri isə Berjedə saxlanır. Berejenin rəyi Cənab polkovnik Mirzə Fətəli Axundzadəyə bəslədiyim ən səmimi dostluq hisslərinin ifadəsi və onun şərəfli əməyinə hörmət əlaməti olaraq, bu tərcümə işində və kitabını çap etdirməkdə ona imkanım daxilində hər cür kömək etməyə hazıram, hazıram bu işdən alınacaq gəlirin nəinki payıma düşəcək yarısından, hətta hər cür maddi mükafatdan da imtina edəm. Avropalılar kimi, müsəlmanlar özləri də bu kitabı oxuyanda onlar üçün bu vaxta qədər qaranlıq qalmış islamiyyət haqqında aydın məlumat ala biləcəklər. * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay İvanoviç Baranovski cənablarına Şərq dillərini öyrənmək işinə mane olan islam əlifbasının çətinliyi bir neçə il bundan əvvəl məndə həmin islam əlifbasını dəyişdirmək, ona sait hərflər əlavə etmək və nöqtələri atmaq yolu ilə yeni bir əlifba layihəsi tərtib etmək həvəsini yaratdı. Mənim bu layihəm birinci dəfə onu təqdim etdiyim S.Peterburq şəhərindəki bizim məşhur akademik Dorn tərəfindən təqdir edildi. Sonra 1863-cü ilin 23 aprelində mən valahəzrət böyük knyaz Qafqaz canişinindən icazə alaraq, idarə rəisi Kruzenşternin Konstantinopoldakı səlahiyyətli nazir və imperator elçisinə valahəzrət canişinin əmrilə yazdığı tövsiyənamə ilə oraya yola düşdüm. Mən səfirimiz vasitəsilə Türkiyə sədr-əzəmi Fuad Paşa ilə görüşdüm və onun göstərişi ilə mənim layihəm Türkiyə Elmlər Akademiyasına mütaliə üçün təqdim edildi. Həmin müəssisə üç iclasında bu layihəyə ətraflı surətdə baxdıqdan sonra, onu məqsədəuyğun və hər cəhətdən tərifəlayiq bir layihə hesab etdi. Sonra onu Osmanlı imperatorluğunda çıxan aylıq bir məcəllədə çap etdirdilər. Lakin həmin layihədə kitab çap etmək üçün əlverişli olmayan bəzi cəhətləri dəyişdirincəyə qədər onun həyata tətbiq edilməsi işi təxirə salındı. Sonra həmin akademiyanın təklifinə əsasən mən Türkiyə hökuməti tərəfindən Məcidiyyə ordeni ilə və fərmanda mənim müsəlman xalqları ədəbiyyatının xeyrinə göstərdiyim xidmətin əhəmiyyətini qeyd etmək şərti ilə yerli fəxri ləqəblə təltif edildim. Bundan sonra mən Tiflisə qayıtdım. O zamandan bəri bu məsələ hələ də toxunulmamış qalır. İranın Konstantinopoldakı səfarətxanasında müşavir vəzifəsində çalışan, mənim layihəmdən vəcdə gələn və müsəlman əlifbasını dəyişdirmək haqqındakı fikirlərimi təqdir edən erməni zadəganlarından olan tanışımı, məşhur şərqşünas və yazıçı Melkum xan öz zövqünə əsasən yeni bir layihə tərtib etmiş, kitab çap etmək işini asanlaşdırmaq üçün çətinlik törədən maneələri tamamilə aradan qaldırmış və özünün ixtira etdiyi yeni əlifba ilə çap olunmuş bir kitabçanı son günlərdə tanış olmaq üçün mənə göndərmişdir. Doğrudur, Melkum xanın yeni əlifbası kitab çap etmək işində əngəl olan bütün maneələri doğrudan da aradan qaldırır; lakin bu əlifbanın oxunma işlərində başqa çatışmaz cəhətləri vardır. Çünki bu layihədə nöqtələr ləğv edilmədiyi kimi, sait hərflər də əlifbanın tərkibinə salınmamışdır. Hələ mən bu əlifbanın hərflər sağdan sola yazılan müsəlman yazısı üçün əlverişli olmadığı haqqında danışmıram. Bunlarla əlaqədar olaraq, mən Melkum xanın layihəsinə tənqid yazaraq, eyni zamanda, özüm kitab çap etmək üçün əlverişli olmayan cəhətləri aradan qaldırmaq şərtilə, yeni müsəlman əlifbasının daha bir layihəsini tərtib etdim. Həmin yeni əlifbanın layihəsini Melkum xanın layihəsinə yazdığım tənqid və mənim keçmiş əlifbam haqqında Türkiyə Elmlər Akademiyasının verdiyi rəyin surəti ilə birlikdə Tehrandakı Maarif Nazirliyi adlanan idarəyə təqdim etmək qərarına gəldim. Mənim bu ədəbi əsərim əvvəllər də Türkiyə Elmlər Akademiyasına mənim idarə başçılarımın icazəsi ilə təqdim olunduğuna görə, hazırda cənabınıza müraciətlə, Qafqaz canişinliyinin baş idarəsi rəisi həzrətlərindən, bu sənədləri Tehrana göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana təqdim etməyim üçün icazə istəməyinizi acizanə surətdə xahiş edirəm. * * * Maarif nazirinə məktub Həzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim. Sizin əziz və yüksək nəzərinizə çatacaq mənim məruzəmin məzmunundan məqsədimin nədən ibarət olduğu və nə istədiyim sizə məlum olacaqdır. Tarixlərdə gördüyünüz kimi, hələ indiyə qədər islam ölkələrinin heç birisində Maarif Nazirliyi olmamışdır. Allaha şükür olsun ki, şövkət sahibi olan bir padşahın dövründə İran məmləkətində Maarif Nazirliyi yaranmışdır. Belə isə, əvvəllər misli görünməmiş bu nazirlik elə bir işə iqdam etməlidir ki, gələcək nəsillər də onun misilsiz olduğunu təsdiq etsinlər. İstər nəcabətinizə görə öz tay-tuşlarınızdan yüksək duran və istərsə də qüdrət və bacarığınıza görə də tac sahibi olan padşahdan sonra ölkənin ikinci adamı olan həzrət-əşrəfiniz, bu nazirliyin başında durursunuz. Sizə bu qədər mərhəmət göstərən Allaha şükür edib, borcunuzu əda etməlisiniz. Mənim fikrimcə, şükür iki cür ola bilər: birincisi, Allahın yolunda fəqirlərə yaxşılıq edib, ehsan vermək yolu ilə yaxşı əməllərə iqdam etmək; ikincisi isə, dünyanı yaradan Allahın itaət və ibadətindən qəflət etməməkdir. Birinci növ şükrün, ikinci növ şükürdən üstünlüyü hər cəhətdən təsdiq edilir. Ona görə ki, cəlal sahibi olan Allahın bəndələrin ona ibadət etməsinə ehtiyacı yoxdur. Bu növ şükür etməyi avam adamları aldadan üsuli və şeyxi məzhəblərin ruhanilərinin öhdəsinə qoyaq, həzrət-əşrəfinizin nazir olduğu dövrdə xalqın tərbiyəsi yolu ilə onun səadəti, vətənin abadlaşması və ölkənin vəziyyətinin yaxşılaşması uğrunda bir iş görülərsə, bu elə bir xeyir iş olar ki, həm Allahın xoşu gələr, həm də insanlar onu bəyənər. Həzrət-əşrəfdən xahiş edirəm ki, hər kəsdən artıq məlumatınız olan tarix səhifələrinə xəyalən müraciət edərək, görünüz, hicrətdən bu günə qədər islam şahları vətənimiz olan İrana, müsəlman şiə xalqımıza hansı yaxşılığı və ehsanı etmişlər. Onların qəfləti və səhlənkarlığı üzündən vətənimiz, sizin sənabınıza məlum olduğu kimi, ən acınacaqlı bir vəziyyətə düşmüşdür. Xalqımızın vəziyyəti isə elədir ki, onu düşündükdə insan ağlamaq istəyir. Hər il xalqımızın imamların müsibətində tutduğu təziyə həqiqətdə, insanların öz bədbəxtliyinə ağlaması deməkdir. Ölkədə dövran sürən keçmiş padşahlar yeyib, içib, geyinib ölmüşlər. Lakin əllərindən bir iş gəlməmişdir. Yəni hökmranlıqdan ancaq öz şəxsi zövqlərini oxşamaq üçün istifadə etmişlər. Gələcəkdə iş başına gələn padşahlar bu cür sələfləri nə üçün təqlid etsinlər? Onlar ölkəni idarə etmək və xalqı sevməkdə nə üçün gərək Böyük Pyotr və Böyük Fridrix kimi olmasınlar ki, sağlıqlarında xalqın sevimlisi və öldükdən sonra adları tarixin bəzəyi olsun? Bir insan üçün az müddət davam edən həyatı boyunca bundan da yüksək mənəvi ləzzət ola bilərmi? Mən xalqın elə bir üzvüyəm ki, fikrimi xalqa çatdırmaq üçün davat və qələmimdən başqa heç şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm. Yəqin xalqımızın yüksək nəsəbli böyüklərindən olan cənabınız, köhnə əlifbanı dəyişmək haqqında mənim fikirlərimi diqqətlə oxuyacaqsınız və əlifbanın dəyişilməsinin nəticələrini öz gözünüzlə görəcəksiniz. Mən əminəm ki, köhnə islam əlifbasını yeni yazı ilə əvəz etmək haqqında mənim fikirlərimi həyata keçirmək yolundakı səyinizlə, məyusluq və naümidliyə hədəf olan kədərli könlümü sevindirib, minnətdarlığıma səbəb olacaqsınız. Həzrət-əşrəfdən xahiş edirəm ki, öz mübarək rəyinizi bu xüsusda yazaraq, Əli xanın vasitəsilə mənə çatdırasınız! Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Xarici işlər nazirliyinə məktub Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə Sizin yüksək nəsəbli cənabınızın zatında olan və özünüzün kəsb etdiyiniz böyük fəzilətlər, xalqa və dövlətə olan məhəbbətiniz, günahlardan uzaq olub, müqəddəsliyiniz, hələ Mirzə Yusif xanın konsul olduğu zamanlarda həmişə bizim üns və müsahibə məclislərimizi zinətləndirmiş və mənə məlum olmuşdur. Hal-hazırda dövləti-əliyyeyi-İranın Tiflisdə baş konsulu olan Əli xan alinəsəb bir cavandır və mənə çox böyük mehribanlığı və məhəbbəti vardır. O, sizi, cəlal sahibi cənabınızın mənə məlum olan bütün fəzilətlərə malik olmaqla bərabər, elmin, maarifin hamisi və rəvacvericisi, qabiliyyət və fərasət sahibi olan gənclərin atası və tərbiyəçisi kimi tanıyır və həmişə pak təbiət və pak niyyət sahibi cənabınızı tərifləyir. Əlbəttə, bütün şiə-məzhəblərə vacibdir ki, öz səadətləri xatirinə cənabınızın izzət və vəzarət məqamında səadətlə qalmağınızı beş vaxt namaz zamanı böyük xaliqin dərgahından xahiş etsinlər. Əlbəttə, gərək nazir cənablarının əziz xatirinə məlum olsun ki, on il bundan qabaq mən islam xalqlarının köhnə əlifbasını dəyişdirmək və bu əlifbanın nöqsanları haqqında bir kitabça yazıb, əvvəlcə onu dövlətiəliyyeyi-İranın Tiflisdəki keçmiş konsulu Mirzə Hüseyn xanın vasitəsi ilə Tehrana, xarici işlər nazirinə göndərmişdim. Sonra isə o kitabçanın başqa bir nüsxəsini götürüb, İstanbula getmişdim və onu Osmanlı dövlətinin başçılarının nəzərinə çatdırmışdım. Doğrudur, onlar köhnə əlifbanı dəyişdirmək haqqında mənim gətirdiyim bütün dəlilləri təsdiq etdilər. Lakin bəzi maneələri bəhanə tutaraq, əlifbanı dəyişdirməyi təxirə saldılar və o tarixdən bu günə qədər bu məsələ həll edilməmiş qalmışdır. İstanbulda görüşüb dost olduğum Melkum xan bu son zamanlarda həmən məsələni təzələmiş və özünün çap əlifbasından bir nüsxə mənə göndərmişdir. Doğrudur, Melkum xanın tərtib etdiyi çap hərfləri gözəllik nöqteyinəzərindən misilsiz idi. Ancaq, digər tərəfdən bir çox başqa qüsur və nöqsanları var idi ki, təkmilləşdirməyə möhtac idi. Bu keyfiyyəti nəzərə alaraq, mən Melkum xan əlifbasının həm yaxşılığı, həm də nöqsanları haqqında öz fikrimi yazaraq, başqa bir bəyanatla Əli xanın vasitəsilə əlahəzrət şahənşahın Xarici İşlər Nazirliyinə göndərdim ki, sizin tərəfinizdən mütaliə edildikdən sonra, Maarif Nazirliyinə təqdim edilsin. Ümid edirəm ki, sizin yüksək nəsəbli cənabınızın iştirakı olmadan baş tuta bilməyən məsləhət məclisində, sizin əziz zatınıza xas olan sağlam fikir, millətxahlıq və dövlətpərəstliyin tələbinə görə, köhnə əlifbanı dəyişdirmək haqqında fikrinizi öz həmməzhəblərinizi və həmvətənlərinizi tərbiyə məqsədilə söyləyəcək və bizi himayə etməkdən səyinizi əsirgəməyəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə Sentyabr ayı, 1868-ci il, Tiflis şəhəri * * * Hacı Əli xana məktub Hacı Əli xana yazılmış məktubun surəti Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan aligövhər bir cavandır və mənə son dərəcədə məhəbbəti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın yüksək şənini, iş bilənliyini, islampənah padşah həzrətləri hüzuruna, Allah onun səltənətini əbədi etsin, xüsusi yaxınlığını vəsf edir. Bu günlərdə mən köhnə islam yazısını dəyişdirmək barədə məruzəmi Maarif Nazirliyinə göndərərkən o mənə məsləhət bildi ki, ixlasımı bildirən bu kiçik məktubumla özümü cəlal sahibi cənabınıza tanıtdırıb, qarşıma qoyulan məsələ barədə cənabınızdan kömək və imdad təmənnasında olam. Köhnə islam əlifbası haqqında ayrıca kitabçada və həmin məruzəmdə qələmə aldığım bəyanat və onu dəyişdirməyin faydalı iş olması barədə gətirdiyim dəlillər bütün sağlam düşüncəli adamları şəkk və şübhəsiz mənimlə həmrəy edəcəkdir. Tamamilə yəqinimdir ki, bu məsələnin müzakirəsi və həlli üçün çağırılacaq müşavirə məclisi cəlal sahibi cənabınızın iştirakı olmadan qeyri-mümkündür. Ona görə də ümidim qətidir ki, insanpərvərlik, xalqsevərlik və dövlətxahlıq naminə köhnə islam yazısının dəyişdirilməsi və yeni qaydanın tətbiqi işində kömək və müsaidətinizi əsirgəməyəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Paşa xana yazılmış məktub Ali nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır. İndi, mənim köhnə islam əlifbasını dəyişdirib yeni yazı qaydası tətbiq etmək haqqındakı yazılı məruzəm Maarif Nazirliyinə göndərildiyi bir zamanda, o [Əli xan] mənə təlqin etdi ki, ixlasımı bildirən bu kiçik məktubla həmin məsələ barədə cənabınızdan da kömək və imdad istəyim. Yuxarıda qeyd edilən yazılı məruzədə şərh edilmiş dəlillərə görə köhnə islam əlifbasını dəyişdirmək və onda yeni qaydalar tətbiq etməyin vacibliyi sabit və aşkardır. Lakin bu məsələ, o qədər böyük bir məsələdir ki, onu həll etmək Əmr və Zeydin qüvvəsindən xaricdir. Bu məqsədə nail olmaq, yalnız islamın pənahı olan şövkət sahibi hökmdarın yüksək iradəsinə bağlıdır. Burada mən o əlahəzrətin dərgahına yaxın olan alinəsəb cənabınızdan ixlas ilə xahiş edirəm ki, öz fitri nəcabətinizin təqazası ilə, mən dərvişin xatirinə, qədəmlərinizə zəhmət verib, bu məsələni müzakirə və həll etmək üçün təşkil olunacaq müşavirə məclisində hazır olub, köhnə əlifbanı dəyişdirmək və onda yeni qayda tətbiq etmək barədə mənim bəyanatımı dinləyəsiniz və bu xüsusda alinəsəb cənabınızın fikri nə olarsa, istər maarif naziri ilə birlikdə, istərsə də başqa bir münasib mövqedə əlahəzrət şahənşahın, Allah onun dövlətini daimi etsin, ayağının torpağına ərz edəsiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci ilin sentyabr ayı, Tiflis şəhəri * * * Paşa xana məktub Paşa xana yazılmış ikinci məktubun surəti Mənim əziz ağam, səadətiniz daimi olsun! Alinəsəb cənabınızın hüsni-niyyəti, insanpərvərliyi, xalqsevərliyi, dövlətxahlığı və vətənpərvərliyi mənə lazımınca məlum olmuşdur. Seçmə insanların ən yüksək keyfiyyətlərindən olan bu sifətlər sizin istedadlı və qabiliyyətli zatınızda alimərtəbəli feyz və ehsan mənbəyi olan mehriban padşah həzrətlərinə yaxın olmağınızın bərəkəti sayəsində vücuda gəlmişdir. Necə ki, səmavi cisimlərdən hər birisi böyük nur mənbəyinə, yəni aləmi işıqlandıran günəşə nə qədər daha yaxındırsa, onun nuru da bir o qədər artıqdır. Doğrudan da, hazırkı əsrdə bizim, Allah tərəfindən kömək alan bu padşahı, millətin tərbiyəsi və məmləkətin abadlaşdırılması işində günəşə oxşatmağa tam haqqımız vardır. Çünki günəş ona əyal və övlad yerində olan aləmlərin tərbiyəçisidir. Doğrudan da, İranın keçmiş şahlarından hansının zamanında ölkədə Maarif Nazirliyi yaranıb, darülfünun təsis olunmuşdu? Keçmiş padşahların hansının dövründə bizim atalarımız İran ölkəsində mətbəələr, teleqraf və dəmiryolu görmüşdülər? Hansı padşahın zamanında İran dövlətinin yer üzünün sultanlarından hər birinin ölkəsində vəkilləri, vəzirləri və konsulları olub, onun təbəələrinin işlərinə və ehtiyaclarına indiki kimi əncam verirdilər? Nə zaman iranlıların uşaqları müxtəlif elm sahələrində təhsil almaq üçün Avropa ölkələrinə göndərilirdi? Keçmiş hökmdarlardan hansının zamanında ölkənin mərkəzində tam azad bir surətdə qəzetlər çap olunub, dünyanın hər tərəfinə yayılırdı? Bütün bu işlər və əlamətlər onu sübut edir ki, xoştəbiətli padşahın, Allah onun ömrünü uzun eləsin, səadətli dövründə İran ən yüksək tərəqqi dərəcəsinə çatacaqdır. Biz, iranlıların xaricdə yaşayan din qardaşları isə bu fərəhləndirici xəbərləri eşitməkdən vəcdə gəlib, bir-birimizi təbrik edərək, bu duanı tərənnüm edirik: “İlahi, sən, bu fəqirləri dost tutan şahı – Ki, xalqın asayişi onun sayəsindədir, Uzun illər boyu xalqın başı üzərində var elə! Qəlbini müvəffəqiyyət və biliklə ruhlandır!” O, əlahəzrətin etimad edib, yaxın tutduğu sizlər, onun qulağı və gözü yerindəsiniz. Çalışmalısınız ki, qərəz əhli hər cür yaxşı əməlləri onun nəzərindən gizlədə bilməsin və hər cür pis əməli onun gözündə yaxşı göstərə bilməsin. Həqiqətdə, onun nurlu hüzurunun həmdəmi olan sizlərin vücudu, tac sahibindən sonra, bizim din qardaşlarımızın səadət və tərəqqisinin mənbəyidir. Məhz bu mənada mən sizin alinəsəb cənabınızdan məhrəmanə və cəsarət üzündən xahiş edirəm ki, köhnə yazı üsulunun dəyişdirilməsi barədə müzakirə aparılacaq məclisdə, əgər bəzi qərəz sahibləri haqqa göz yumaraq, doğruluq və sədaqətin ziddinə rəy söylərlərsə, siz, mətləbi öz etiqadınıza müvafiq olaraq əlahəzrət şahənşahın ayağının torpağına ərz edəsiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı * * * Müstövfiyül-Məmalikə məktub Dövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan alinəsəb bir cavandır və mənə böyük hörməti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın gözəl sifətləri və yüksək əxlaqını tərif etməklə üns məclislərimizə zinət bəxş edir. O, məni cənabınızın fəzilət məqamı, yüksək şəni, xalqsevərliyi və vətənpərvərliyi ilə tanış edib, mənə təlqin etdi ki, xeyirli nəticələri vəsfəgəlməz olan köhnə islam əlifbasını dəyişdirmək haqqında Maarif Nazirliyinə ayrıca ərizə göndərməklə bərabər, ixlasımı bildirən bir məktubla da özümü vəzarətpənah cənabınıza tanıtdırım. Cəlal sahibi olan cənabınızın hüzuruna ərz edirəm: Mən şiə məzhəb müsəlmanlardan biriyəm. Doğulduğum yer Azərbaycan olmuşdur. Bəzi hadisələrin baş verməsi nəticəsində əvvəlcə Meşgin və Qaradağ mahalına düşüb, sonra isə böyük Rusiya dövləti torpağına gəlib, Şəki şəhərində sakin oldum və anamın əmisi Axund Molla Ələsgərin yanında müsəlman dillərini öyrənməyə başladım. Bir müddətdən sonra isə rus dilini öyrənməyə meyl edib, onu da öyrəndim. Fars və ərəb dillərini yaxşı bildiyimdən, Qafqazdakı Rusiya sərdarlarının yanında mütərcimlik vəzifəsi ilə başım ucaldı. Hazırda Qafqaz canişini nəvvabi-əfxəm imperatorzadənin xidmətində Şərq dilləri mütərcimi vəzifəsində çalışmağımla fəxr edirəm. Qulluqda olduğum müddətdə də fitri marağıma görə təhsil və təlimdən qəflət etməyərək, bəzi maraqlı əsərlər də yazmışam ki, onlardan ən məşhuru və ən faydalısı gözəl dram fənni, yəni teatr sahəsindədir ki, onun da məqsədi və nəticəsi insanların əxlaqını islah edib yaxşılaşdırmaqdır. Bu cür əsərlər indiyə qədər müsəlmanlar arasında yaranmamışdı. Əsərlərimdən ən vaciblisi isə köhnə islam yazı qaydalarını dəyişməyə aid yazdığım kitabçadır. Başqa xalqların yazısı ilə tanışlığı olanlar yaxşı bilirlər ki, bizim əlifbamız nə qədər nöqsanlıdır və elmlər sahəsində inkişafımıza nə dərəcədə maneə törətməkdədir. Bu məsələnin təfsilatı tam aydınlığı ilə əlifba haqqındakı kitabçada və habelə indicə Maarif Nazirliyinə göndərilən ayrıca məruzəmdə yazılmışdır. Tamamilə yəqinimdir ki, bu məsələni müzakirə və həll etmək üçün müşavirə məclisi cəlal sahibi cənabınızın hüzurunda təşkil olunacaqdır. Bu münasibətlə ümidim qətidir ki, cənabınız insanpərvərliyiniz, xalqsevərliyiniz və dövlətxahlığınızın tələbinə görə əlinizdən gələn hər şeyi bu işin icrasında edəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı * * * İran konsuluna məktub Dövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun! Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor Mirzə Fətəli Axundzadə tərəfindən Ərizə İki həftə bundan əvvəl köhnə islam yazısını dəyişdirmək məsələsinə dair materiallar məcmuəsindən beş cildini öz ərizəmlə bərabər Ümum idarənin departament direktoru cənab rüfətməab general Baranovskiyə təqdim edib, xahiş etmişdim ki, Qafqaz Ümum idarəsinin rəisi, yüksəkşənli cənab stats-sekretar baron Nikolaidən icazə istəsin ki, mən həmin cildləri darül-xilafeyi-Tehranda Maarif Nazirliyinə göndərmək üçün sizin yüksək məqamlı cənabınıza təqdim edim. İndi general Baranovski vasitəsilə mənim ərizəm barədə əzəmətli barondan aşağıdakı məzmunda cavab sadir olmuşdur: “Mayor Axundova icazə verilir ki, köhnə islam xəttini dəyişdirmək haqqındakı material məcmuələrini lazım olan yerə göndərmək üçün İran dövlətinin baş konsuluna versin”. İndi mən həmin kitabçaları yüksəkməqamlı cənabınıza təqdim edib, xahiş edirəm ki, vəd etdiyiniz kimi, lütfən tapşırasınız ki, əvvəlcə həmin material məcmuəsi cildlərini əlifba məsələsi barədə mənim tərəfimdən dövləti-əliyyeyi-İran əmirlərindən bəzilərinə yazılmış yeddi məktubla birlikdə adbaad konsulxana dəftərində qeydə alıb, sonra onları Tehrana göndərsinlər. Orada isə yüksək məqamlı cənabınızın vəkili dəftər üzündən onları Maarif Nazirliyinə və əmirlərə çatdırıb, həm nazirlikdən, həm də əmirlərdən möhürlənmiş vüsul qəbzi alıb Tiflisə göndərsin. Material məcmuəsində aşağıdakı sənədlər vardır: №1. Mirzə Fətəli Axundzadənin əlahəzrət şahənşah, Allah onun səltənətini əbədi etsin, Maarif Nazirliyinə məruzəsi. №2. Mirzə Fətəli Axundzadənin islam əlifbası haqqında məruzəsi. №3. Mirzə Fətəli Axundzadənin köhnə islam əlifbası haqqında Osmanlı Cəmiyyəti-elmiyyəsinin çap olunmuş qərarının surəti; bu məsələ ilə əlaqədar olaraq, müəllifə verilmiş əlahəzrət Osmanlı padşahı fərmanının surəti. İslam yazı üsulunun dəyişdirilməsinin şəriətə əsasən yol verilməsi bir iş olması barədə müəllif tərəfindən Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim olunmuş izahatın surəti. Bu sənəd orada alimlər tərəfindən müzakirə olunmuş və onlar izahatda göstərilən dəlillərə əsasən, köhnə islam yazı qaydalarının dəyişilməsini nurlu şəriətə müxalif bilməmişlər. №4. Mirzə Fətəli Axundzadənin islam əlifbası barədə sabiq layihəsi. №5. Melkum xanın islam əlifbası haqqında yeni layihəsi. Məktublar bunlardır: №6. Maarif naziri nəvvabi-müstətab Etizaddüs-səltənəyə. №7. Yüksək məqam sahibi xarici işlər naziri cənablarına. №8. Şəniyüksək birinci şəxs Müstövfiyül-məmalik cənablarına. №9. Yüksəkməqamlı Əminül-mülk Paşa xan cənablarına. №10. Yenə də ona. №11. Yüksəkməqamlı Etimadüddövlə Hacı Əlixan cənablarına. №12. Yenə də maarif naziri nəvvab Etimaddüssəltənəyə. Adres: Darül-xilafeyi-Tehranda cəlal sahibi, böyük ağam, şəfqətli, əziz Nasirül-mülk Mahmudxan, Allah onun yüksək iqbalını daimi etsin, mütaliə buyursunlar. Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Mirzə Hüseyn xana məktub Mirzə Hüseyn xana yazılmış məktubun surəti Mənim əzəmətli ağam, səadətiniz daimi olsun! Siz, nə vaxta qədər məndən incikli olacaqsınız? Sizə qarşı məndən nə günah baş vermişdir? Məgər mən o adam deyiləm ki, siz Tiflisdə qaldığınız günlərdə bircə gün sizi görməsəydim, qərarım gəlməzdi? Məgər mən o adam deyiləm ki, Tiflisdə həmişə sizin xeyirxahınız olub, bədxahlarınızın qarşısında sizin haqqınızdakı səmimiyyətimi hər cür vasitələrlə göstərirdim? Məndən sədaqətdən özgə nə görmüşsünüz? Siz ki, əlifba üstündə məndən inciməmişsiniz. Siz ona görə pərt olmuşsunuz ki, mən türk dilində çap olunmuş “Təmsilat”ı nə üçün İstanbula gətirib, Osmanlı sədr-əzəmi Fuad paşa vasitəsilə Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim etmişəm. Məgər mən bu işin sizin narazılığınıza səbəb olacağını bilirdim? Mənim İstanbula gəlmək fikrim yox idi. Siz mənə məktub yazdınız, israr və təkidlə xahiş etdiniz ki, əlifbamı götürüb İstanbula gəlim və sizin evinizdə qonaq olum. Mən də sizin xahişinizə görə İstanbula səfər etdim, əlli gün mənzilinizdə sizin duz-çörəyinizi yedim. Məktubunuzu bu günə qədər saxlamışam və heç vaxt itirməyəcəyəm. Məktubunuzda məni mehriban qardaş adlandırırsınız. Lakin işdə, özünüz mənimlə Yusifin qardaşlarından da namehriban rəftar edirsiniz. Siz nə üçün məktubunuzda yazmadınız ki: “Mirzə Fətəli, “Təmsilat”ını İstanbula gətirmə!” Mən müqəssir deyiləm ki, hələ İstanbula gəlməzdən əvvəl “Təmsilat”ımdan bir çox nüsxələri İrana göndərmişdim ki, həmməzhəblərim gözəl dram sənətindən, yəni teatrdan xəbərdar olsunlar. Mən öz əqidəmə görə bu cür əsərləri yazmağımı xalqımı sevməyimin nişanəsi hesab edirəm; çünki bütün Avropa xalqları adamların məişəti və rəftarı barədə bu kimi əsərlər yazmışlar və bu sənəti insanların əxlaqını yaxşılaşdırmaq işində bir vasitə hesab edirlər. Bu da məlumdur ki, hər bir xalqın içərisində fırıldaqçılar, şərbazlar və axmaqlar vardır. Bu cür adamların həyatını və rəftarını dram sənətində məsxərə ilə ona görə verirlər ki, başqalarına ibrət olsun. Bu kimi yazıların dövlətə, səltənətə, siyasətə və bütün xalqa dəxli yoxdur. İstehzaya qoyulanlar xalqın ayrı-ayrı fərdləridir və bu, əlbəttə, ümumxalq üçün ibrət dərsi olur. Nə isə, bu təmsillər sizin nəzərinizdə xalqı sevməyə yabançı göründü. Mən sizinlə münaqişə etmirəm. Ancaq bunu deyə bilərəm ki, mən bu “Təmsilat”ı siz Tiflisə gəlməzdən əvvəl yazmışdım. Tiflisdə onların hamısını özüm sizə oxudum. Sizdən isə ancaq tərif və afərinlər eşitdim. Qətiyyən demədiniz ki, onlar sizin xoşunuza gəlmir və mənə xəbər vermədiniz ki, onları İstanbula gətirməyim?! Hər halda, indi yeddi ilə yaxındır ki, bizim aramızda soyuqluq davam edir. Məncə bu qədər bəsdir. İndi elə bir vaxt çatmışdır ki, gərək yenə də dostluq və məhəbbətə başlayıb keçmişləri unudasınız; mütləq mənə bir məktub yazıb, dövləti-əliyyeyi-İranın baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın. Mən də sizin könlünüzü şadlandırmaq üçün yazdığım bəzi şeyləri hədiyyə olaraq sizə göndərərəm. Bəzilərini isə səfərdən qayıdarkən, əgər Tiflis yolu ilə gəlmiş olsanız, özüm sizə oxuyaram. Hələlik Maarif Nazirliyinə göndərmiş olduğum bəzi yazılarımı oxuyun, qorxmayın, kəsalətinizə səbəb olmaz. Əksinə, şübhəsizdir ki, həzz alacaqsınız. Əsil mətləb budur ki, bu gün əlifba məsələsi böyük bir məsələ olmuşdur. Bu barədə hər tərəfdən, hər guşədən məqalələr yazıb, qəzetlər vasitəsilə çap edirlər. Bu məsələnin təzələnməsi üzündən mənim qəlbimdəki sönmüş atəş də yenidən alovlanmışdır. Bu dəfə mən dövlətiəliyyeyi-İranı bu işə sövq etməyi layiq hesab edib, bu xüsusda yazdığım bir sıra əsərləri Maarif Nazirliyinə təqdim edərək istəyirəm ki, nə mənim ixtiram və nə də başqalarının ixtirası və dəxaləti qəbul olunsun. Bəlkə də nazirlik bu barədə elə bir qərar qəbul etsin ki, guya bu iş dövləti-əliyyeyi- İranın rəhbərlərinin səyi nəticəsində başa çatmışdır və bununla da həmin xeyirli iş o dövlətin adı ilə bağlanmış olsun. Vəssalam! Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Həsənəli xana məktub Həsənəli xana yazılmış məktubun surəti Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun! Yəqin ki, əziz xatirinizdədir ki, ilk dəfə Avropadan İrana qayıdarkən Tiflisdə görüşüb ayrıldığımız zaman iltifatınızın və şəfqətinizin çoxluğundan məni qucaqlayıb öpdünüz və buyurdunuz: – Mirzə Fətəli, mən səni qəlbən sevirəm və xahiş edirəm ki, qələmindən nə çıxarsa, həmişə mənə göndərəsən ki, mən sənin əsərlərini və yazılarını tam sevinclə oxumaq arzusundayam. Cəlal sahibi cənabınızın məhz bu fərmayişinə görə sizə xəbər verməyi özümə borc bilirəm ki, bu günlərdə mən öz kitablarımdan və yazılarımdan bəzilərini Maarif Nazirliyinə göndərmişəm və bunu da yəqin bilirəm ki, sizin nəvvab-müstətab Etizadüssəltənə ilə xüsusi dostluğunuz vardır. İltifat edib, onları oxuyun və sizə həqiqi ixlası olub, cənabınızın yaxşı tanışlarından biri kimi məni də layiq bildiyiniz şəkildə qiyabi olaraq tanış edin! Məsələ köhnə islam əlifbasının dəyişdirilməsi barədədir. Əlifba məsələsi bu gün böyük bir məsələ olmuşdur. Hər tərəfdən, hər guşədən o barədə məqalələr yazırlar və qəzetlər çap edirlər. Bu məsələnin təzələnməsi ilə əlaqədar olaraq, mənim də qəlbimdə sönmüş atəş yenidən alovlanmışdır. Qəlbimdə olanları qələmə alıb maarif nazirinə göndərmişəm. İstəyirəm ki, bu böyük iş dövləti-əliyyeyi-İranın başçılarının hümməti ilə başa çatdırılsın və bu xeyir işin şöhrəti bu dövlətin adı ilə bağlansın. Mən işin başlanğıcında arzu edirəm ki, bu işin iftixarı bütünlüklə mənim olsun. İndi artıq başqaları da müdaxilə etmişlər. Elə isə qoy nə mənim olsun, nə də başqalarının. Alinəsəb cənabınızdan xahiş edirəm ki, həmin yazıları oxuduqdan sonra, lütf edib, mənim adıma bir məktub yazaraq, dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın və bu xüsusdakı rəyinizi haman məktubda mənə bildirəsiniz. Çox təəssüf edirəm ki, siz ikinci dəfə Avropadan İrana qayıdarkən, kimsə Qocur yaylağına teleqram vuraraq, Tiflisə varid olduğunuzu mənə bildirməmişdir ki, şəhərə gəlib sizi ziyarət edəydim. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Nəsirül-mülk Mahmud xana məktub Nasirül-mülk Mahmud xana yazılmış məktubun surəti Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız. Bu əlifba məsələsi çox böyük bir məsələ olmuşdur. Bu gün o xüsusda dünyanın hər tərəfindən və hər ölkədən kitabçalar və məktublar gəlir. Qəzetlər onları dərc edir. Çox ümid edirəm ki, yüksək nəsəbli cənabınız mənim xahişimi qəbul edərək, ixlasımı bildirən bu məktubun cavabını haman məsələyə dair öz rəyinizlə birlikdə dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın. Səadətli qardaşınız Əmanulla xana mənim tərəfimdən çoxlu salam yetirmənizi xahiş edirəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə Sentyabr ayı, 1868-ci il * * * Melkum xana məktub Melkum xana yazılmış məktubun surəti Cənab Ruhül-qüds! Sərhəng Şeyx Məhəmməd ağa sizin əlifbanızın surətini mənə çatdırdı. Onu başdan-başa nəzərdən keçirdim. Çap işini asanlaşdırmaq yolunda, həqiqətən böyük bir xidmət göstərmişsiniz. Yəni indiyə qədər dörd şəkildə yazılan hərfləri bir şəklə salmışsınız. Şəkillər çox yaxşı və gözəldir. Hərflərin bir-birinə bitişmədən yazılmasını da lazım bilmişsiniz. Lakin mən nöqtələrin saxlanılmasından, erabın (saitlərin) hamısının hərflərə daxil edilməməsindən, onların hamısı üçün ki, doqquz ədəddir, ayrıca şəkillərin yaradılmamasından və onların keçmiş çirkin şəkillərinin saxlanmasından yenə də narazı və şikayətçiyəm. Siz nöqtələrin tədricən atılacağını və saitlərin samit hərflər sırasına daxil ediləcəyini düşünürsünüz. Lakin mən sizin əlifbanızı əvvəldənaxıra qədər oxudum. Nöqtələr olduğu kimi qalmışdır. İki-üç əyri və çirkin işarədən başqa saitlər samitlərin sırasına daxil edilməmişdir. Bəs nöqtələr nə vaxt atılacaqdır? Saitlər nə zaman hərflərin sırasına daxil ediləcəkdir? Ehtimal olunur ki, sizin belə bir məqsədiniz var: bir müddət keçdikdən sonra şəkillərin dəyişməsi ilə nöqtələr öz-özünə atılacaq, saitlər isə hərflərin sırasına daxil olacaqdır. Məqsədiniz budursa, mən belə bir məqsədi münasib bilmirəm. Bu iş çox uzun sürəcəkdir. Əgər əlifbanı təmizləmək məqsədi qarşıya qoyulmuşsa, gərək bu saat və birdəfəlik tamamilə təmizlənib təzələnsin. Gördüyümüz yeni işi nə üçün nöqsanlı görməliyik ki, bir neçə vaxtdan sonra əlifbanı yenidən dəyişmək ehtiyacı qarşımıza çıxsın? Bundan əlavə, sizin bitişməyən hərfləriniz yazı işində böyük çətinliyə səbəb olur. Hərflərin bitişməməsini, samit hərflərin sait hərflərlə bitişdirilməsini mən yalnız yazı işinin asan və sürətli olması xatirinə lazım bilirəm. Çünki biz yenə də sağdan-sola yazsaq, qələmin bir dəfə dövrə etməsi ilə kəlməni və ya kəlmənin yarısını yazıb bitirə bilməsək, bizim yazı işimiz yenə də yavaş gedəcəkdir. Əgər biz kəlmələrin tərkibi üçün yazıda biri digərinə bitişməyən hər bir hərfi sizin qaydanızla ayrı-ayrı yazsaq, qələm tez-tez kağızın üzərindən qaldırılar. Beləliklə də, bir səhifəni yazmaq bir saatdan artıq vaxt aparar. Xülasə, sizin əlifbanız haqqında göstərdiyim bu iradları da yazaraq, onu başqa yazılarımla birlikdə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdim. Xahiş etdim ki, əlahəzrət şahənşahın fərmanı sadir olduqdan sonra, darül-xilafə (Tehran) fazillərinin müşavirəsində müzakirəyə qoyulsun. Mən də sizin kimi, hərflərin indiyə qədər mövcud olan dörd şəklinin vahid bir şəklə salınmasını məsləhət görərək, köhnə əlifbamızı dəyişdirməyi xahiş etmişəm. Ancaq yazı işində sürət və asanlıq əldə etmək üçün bir cüzün bitişməsi, yəni hər bir samit hərfin sait hərflə birgə yazılması, güman etmirəm, çətinliyə səbəb olsun. Sonra, əgər istəsələr, yazı işində mənim yeni əlifbamı tətbiq etsinlər. Sizin yeni layihənizi isə bütün nöqtələri atmaq, doqquz sait hərfdən ibarət olan bütün saitləri onlara məxsus yeni şəkillər yaradıb, köhnə şəkillərini ləğv etdikdən sonra samit hərflər sırasına daxil etmək şərti ilə çap işində işlətsinlər. Əgər nə mənim layihəmi yazı işində, nə də sizin layihənizi çap işində tətbiq etməyi bəyənməsələr, o zaman təklif etdiyim bütün şərtlərə uyğun yeni bir yazı qaydası düşünsünlər və həyata keçirsinlər. Mən çox güman edirəm ki, onlar bizim acığımıza özləri yeni bir əlifba qaydası düşünüb, köhnə əlifbanı dəyişməyə iqdam edəcəklər. Belə olarsa, mənim və sizin məqsədiniz yerinə yetişəcəkdir. Əgər sizin əlifbanızı çap işlərində tətbiq etsələr, zərər görməzlər, çünki çap işindən ötrü onlar bu gözəllikdə və bu zəriflikdə hərflər tapa bilməyəcəklər. Mən buna əminəm. İnsafla desək, sizin düzəltdiyiniz hərflərin şəkli gözəllikdə və zəriflikdə misilsizdir. Onları bir qədər təkmilləşdirdikdən sonra çap işində tətbiq etsələr, asanlıq və gözəlliyi əla dərəcəyə çatar. Cənab Ruhül-qüds! Siz elə bir tədbir görün ki, yatmış osmanlıları da oyadasınız. Əgər onlar sizin əlifbanızı bəyənsələr, bu, məqsədə çatmaq deməkdir. Mehribanlıq və səmimiyyətlə dolu məktubunuz üçün sizə çox təşəkkürlər edirəm. Sizin salamınızı Şeyxülislama yetirdim. Möhtərəm Şeyxülislam da öz ixlas və məhəbbətini izhar edərək, sizə çoxlu salam göndərir. Köhnə islam əlifbasının dəyişdirilməsinə dair məruzəni hazırladıqdan sonra və bu məruzəni dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərmək istərkən, əlifbamızın islahı haqqında Süavi əfəndi tərəfindən yazılmış məqalənin çap edildiyi qəzetin bir nömrəsini Paris şəhərindən mənə göndərdilər. Buna görə də mən Süavi əfəndinin irəli sürdüyü əqidəyə qarşı tənqid yazmağa başladım. Nəticədə məruzəni göndərməyi bir neçə gün təxirə salmağa məcbur oldum. Bu işi bitirdikdən sonra həmin tənqidi də məruzəmlə birlikdə Tehrana göndərdim. İndi isə Süavi əfəndinin türk dilində olan qəzetini və onun fars dilində tərcüməsini, habelə müəllifin əqidəsinə qarşı yazdığım tənqidin surətini, Tehrana göndərdiyim kimi, sizə də göndərirəm ki, məsələdən xəbərdar olasınız. Məsləhət görsəniz, bu tənqidimi olduğu kimi, münasib olmazsa, öz səliqənizə uyğun bəzi dəyişiklik və islahdan sonra İstanbul türkcəsinə tərcümə edib, nəşr etdirmək üçün Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim edin! Cənab Ruhül-qüds! Sizin tərtib etdiyiniz çap hərflərinin şəklinin gözəlliyinə heç bir söz ola bilməz. Lakin bu, biri-digərindən fasiləli və bitişməyən hərflər sağdan-sola yazmaq işində çox çətinlik törədəcəkdir. Bil-mirik, bəlkə də həmin hərflərlə avropalılar kimi soldan-sağa yazmağı təklif etmək fikrindəsiniz. Belə isə şübhəsiz ki, bütün çətinliklər aradan qaldırılacaqdır. Lakin mən sizin indiki təklifinizi də rədd etmirəm. Əgər əksəriyyət bunu qəbul edərsə, mən də onlardan biriyəm. Amma islam xalqları başçılarının əlifbada bu qədər ciddi islah və dəyişikliyin icrasına razı olacağını güman etmirəm. Cənab Ruhül-qüds! Mirzəağa xanın sizə dediyi kimi, sən cin balasısan, mən səndən qorxuram və sirlərini mənə verməyin barəsində israr etmirəm. Biz də sizin nə barədə düşündüyünüzü bilmirik. Buna görə də sizdən qorxuruq. Siz hər şeyi etməyə qadirsiniz. Əgər doğrudan da yazımız soldan-sağa yazılarsa, o zaman nöqtələr də öz-özünə atılacaq, saitlər də hərflərin sırasına daxil olacaqdır. Bundan başqa, hər cür əlavə dəyişiklik istəsək də, mümkün və asan olacaqdır. Beləliklə, yazı işimiz tamamilə asanlaşacaqdır. Adres: Yüksək məqamlı, fəzilət və kəmal sahibi, əzəmətli və hörmətli dostum Melkum xana, Allah onun ömrünü uzun eləsin, çatacaqdır İstanbul şəhərində. Dostunuz Mirzə Fətəli Axundzadə Cəmadiyəl-axır ayı, 1285-ci il. [1868-ci il sentyabr ayı] Tiflis şəhəri * * * Mirzə Yusif xana məktub Mirzə Yusif xana göndərilmiş məktubun surəti Cəlal sahibi cənabınızdan Süavi əfəndinin qəzetini mənə göndərdiyiniz üçün çox razıyam. Süavi əfəndinin qəzeti mənim əlimə belə bir zamanda çatdı ki, mən Ruhül-qüdsün əlifbasının yaxşı və çatışmaz cəhətlərinə dair öz fikrimi yazaraq, həmin əlifbanı son zamanlarda islam əlifbasını dəyişdirmək haqqında özümün düzəltdiyim başqa bir layihə ilə birlikdə Tehrana göndərməyə hazırlaşırdım. Süavi əfəndinin qəzetini aldıqdan sonra öz fikirlərimi göndərmək işini bir neçə gün təxirə salıb, Süavi əfəndinin əqidəsinə tənqid yazmağa başladım. Həmin tənqid məqaləsini qəzetin əsli və farsca tərcüməsi ilə birlikdə, öz fikirlərimlə bərabər Tehrana Maarif Nazirliyinə göndərdim. Daha sonra həmin tənqidin surətini Süavi əfəndinin məqaləsinin surəti ilə birlikdə cənab Ruhül-qüdsə göndərdim. İndi isə Ruhülqüdsə göndərdiyim məktub və məqalələrin surətini cəlal sahibi cənabınıza göndərirəm. Ancaq mən bu məqaləni çap etdirmək üçün deyil, könlünüzün xoşluğu üçün sizə göndərirəm. Çünki, məqaləni lazım və münasib bilsə, çap etdirməyi Melkum xandan xahiş etmişəm. Lakin yazdığım tənqidi məqalə məzəsiz olmadığına görə, sizə göndərirəm ki, qulluq işlərinin çoxluğu nəticəsində yorulduqda oxuyasınız ki, ürəyiniz açılsın. Bundan sonra əlifbanı dəyişdirmək haqqında Tehrandan cavab alınarsa və ya bu xüsusda əmr sadir olarsa, əhvalatın nə yerdə olduğunu yazıb, cənabınıza bildirəcəyəm. Adres: Parisdə əzəmət, kəramət və cəlal sahibi, dövləti-əliyyeyi- İranın vəziri-muxtarı, cənab Mirzə Yusif xan həzrətləri, Allah iqbalını daimi etsin, oxuyacaqlar. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Mirzə Yusif xana məktub Mirzə Yusif xana göndərilmiş məktubun surəti Əzəmətli ağam, səadətiniz daimi olsun! Cəlal sahibi cənabınızın şəxsən öz xətti ilə yazılmış məktub yetişdi. Düzünü istəsəniz, mən sizin fikrinizi başa düşmürəm. Səbəb də odur ki, siz gedəndən sonra mənim hafizəm çox kütləşmişdir. Keçən məktubunuzda aşağıdakı ibarəni yazmışdınız: “Mən əlifbanı dəyişdirməkdən daha əhəmiyyətli olan, xalqa və dövlətə daha artıq fayda verən böyük bir işlə məşğulam. Əgər mənim və mənimlə həmrəy olan iş yoldaşlarımın səyinin səmərə verməsinə tale yardım edərsə, bizə və həmvətənlərimizə ən gözəl nemətlər nəsib olacaqdır. Bu məsələni sizə gizli yazıram. Sirrimi əmanət saxlayın, görək nəticəsi nə olacaqdır”. Özünüz düşünün, belə bir ibarəni oxuyarkən mənim fikrimə nə gələ bilərdi? Qoy özüm deyim. Həmin ibarəni oxuyarkən mənim xəyalıma elə gəldi ki, siz bütün biliklərin canı hesab etdiyiniz məlum əsəri çap etdirməklə məşğulsunuz. Sevincimin, vəcdimin çoxluğundan az qalmışdı durub oynayam. Düşünürdüm ki, bu işin nəticəsində nə böyük hadisələr baş verəcəkdir. Fransızlar demişkən, bu xəyalla nə kimi saraylar tikirdim. Mənim vəziyyətim ən gözəl yuxu görən adamların vəziyyətinə oxşayırdı. Bu yuxunu həmişə dövlət və səadətə yozurdum, hər an Hafizin bu qəzəlini dilimdə əzbər etmişdim: Şirin yuxuda gördüm ki, əlimdə piyalə vardır. Elə güman etdim ki, işim səadətə doğru gedir. Qırx il zəhmət və əziyyət çəkdik, axırda isə İşimiz ikiillik şərabla həll olundu. Yəni hicrətin birinci günündən bu vaxta qədər qəm-qüssə çəkdik, azadlıq həsrəti ilə ömrümüzü başa vurduq; axırda səadətimiz münşi Yusifin əlində imiş ki, onun hümmət və qeyrəti sayəsində Yəqub kimi qüssədən kor olan gözlərimiz işıqlandı; onun sayəsində qaranlıq cəhalət quyusundan nicat tapdıq və öz arzumuza çatdıq... Xülasə, bu kimi şirin xəyalların ləzzəti ilə sərxoş kimi idim. Siz məni bu gözəl sərxoşluqdan nə üçün ayırdınız? Nə üçün məni bu gözəl yuxudan oyatdınız? Nə üçün mənim ümid dünyamı məyusluq dünyası ilə əvəz etdiniz? Nə üçün siz mənə bu sonuncu məktubunuzu yazdınız? Nə üçün mənə bildirdiniz ki, dünyada sizin üçün Hüseyndən daha əziz olan bir nüsxə çap etdirəcəksiniz ki, həm şiə, həm sünni, həm fransız, həm bütpərəst, həm yəhudi onun məzmununa görə sizə sonsuz hörmət bəsləyəcəkdir? Deməli, sizin uzun müddətdən bəri məşğul olduğunuz böyük iş bu imiş! Bəs məşğul olduğunuz o böyük iş necə oldu? Belə məlum olur ki, sizin çapa hazırladığınız əsər bütün biliklərin canı hesab etdiyiniz əsərin məzmununu alt-üst edib, sizi dediyiniz böyük işi yerinə yetirmək niyyətindən çəkindirmişdir! Ehtimal olunur ki, böyük iş deyə adlandırdığınız, həmin əsər imiş. Mən isə hafizəmin kütlüyündən səhv edərək, onu bütün biliklərin canı düşünmüşəm. Əgər məqsədiniz bu imiş, nə üçün yazmışsınız ki: “Bu məsələni sizə xəlvəti yazıram, sirrimi əmanət saxlayın!”. Bir əsər ki, bütün dinlərə qulluq edən adamların xoşuna gələcəkdir, onu gizli saxlamağın nə mənası vardır? Xeyr, belə deyildir. Hafizəm nə qədər kütləşsə də, yenə də təyin edə bilərəm ki, “böyük iş” dedikdə sizin məqsədiniz başqa idi. İndi isə mənə məlum olmayan bəzi səbəblərə görə o məqsəddən əl çəkmişsiniz. Belə bilirəm ki, siz mənim əsərim kimi və ya ona oxşar bir əsərin çapına iqdam edəcəksiniz, ya da ki, heç bir iş görməyəcəksiniz. Lakin özünüzü qəsdən belə göstərmək istəyirsiniz. Əgər desəniz ki, “böyük iş”in bu əsərə dəxli yoxdur, yəni bu əsərin çapı hal-hazırda məşğul olduğunuz “böyük iş”dən əlavə bir işdir, bu söz də ağlımca doğru deyildir; çünki ancaq bu əsər, sizin üçün dünyada Hüseyndən əziz ola bilər. Belə isə, həmin əsərin çapı böyük iş sayılmalıdır. O zaman əvvəlki məktubunuzda “böyük iş” adlandırdığınız məsələnin əhəmiyyəti itir. Nə isə, mən sizin məqsədinizi anlaya bilmirəm. Məktubun başlanğıcında yazdığım kimi, tutaq ki, bu əsər başqa şeydir, sizin “böyük iş”iniz tamamilə başqa bir şeydir. Belə isə, bu əsəri çap etdirməyinizin mənə nə dəxli vardır? Nə zaman əsər çapdan çıxardı, mənə ondan bir nüsxə göndərərdiniz. Öz məqsədinizi qabaqcadan mənə yazmağınızın nə mənası var idi? Xeyr, bunun özü də mənasız deyildir. Bunun mənasını mən anlayıram, ancaq sizə yazmıram... Artıq mən elə bir qərara gəlmişəm ki, adı sizə məlum olan o gənci yavaş-yavaş sizin fəzilət, mərifət və nəcabət sahibi olmağınızla tanış edib, onu bu həqiqətə inandıram. O, sizi yaxşı tanımır və haqqınızda səhv edir. O sizi də ömrü boyu içərilərində tərbiyə aldığı adamlardan biri hesab edir. Lakin mən əminəm ki, onu şəxsən sizə məktub yazmağa vadar edəcəyəm. Gözümün işığı olan Hüseyn xanı öpürəm. Rəşid ona çoxlu salam yetirir. Bu məktubu sizə Qocurdan yazıram. Şeyxülislamı və Molla Əlini hələ görməmişəm. Onlarla görüşdükdə salamınızı Şeyxülislama yetirib, Molla Əlidən də qəbalə məsələsini öyrənəcəyəm. ...Cənabınız bir neçə vaxt bundan qabaq mənə yazmışdınız ki, guya məni Fransanın məşhur və adlı-sanlı yazıçıları nəzərində tanıtdırıb şöhrətləndirəcəksiniz. Mən elə güman edirdim ki, onlar sizin dediklərinizə əsasən, Parisdə çıxan qəzetlərdən birində mənim haqqımda məqalə yazacaqlar, siz isə o qəzetdən bir nömrə mənə göndərəcəksiniz ki, buradakı tanışlara və dostlara göstərim. Lakin bu vədinizdən heç bir nəticə çıxmadı. Sizə ixlası olan Mirzə Fətəli tərəfin- dən yazıldı. 1868-ci il, 3 sentyabr, Qocur * * * N.İ.Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu Baş idarə rəisinin əmri və zati-alinizin sərəncamı ilə “Cəbə” adlanan türkcə kitabın tərcüməsinə başladım. Axalsix qəzası üzrə mərzçəkmə komissiyasının bu ayın 1-də işə başladığını nəzərə alaraq, mən dövlət mülki idarəsinin təklifi ilə iyunun biri üçün Azqur məntəqəsinin cədvəlinin tərcüməsini hazırlamışam. Zati-ali, xahiş edirəm əmr verəsiniz onu idarəyə göndərməklə bəra-bər xəbər versinlər ki, işin həcmi iri olduğu və bu kitabın tam tərcüməsini birdəfəlik və tezliklə təqdim etmək mümkün olmadığı üçün, mən dəftərləri tərcümə etdikcə mərzçəkmə komissiyasına yola salmaq məqsədi ilə bilavasitə özüm idarəyə çatdıracağam. Podpolkovnik M.F.Axundzadə * * * Mirzə Yusif xana Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam. Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim. Yazılası təzə bir əhvalat yox idi. Ancaq bunu bildirirəm ki, 2-3 ay bundan əvvəl Tehrandan Tiflisə Əbdürrəsul xan adlı bir kişi gəlmişdi. O vaxtlar da mən əlifba haqqında Tehrana bəzi yazılar göndərmişdim. Buna görə də onun gəldiyini eşidən kimi görüşünə getdim. İran konsulu Əli xanın evində mənzil etmişdi. Hər tərəfdən söhbət düşdü. Nəhayət, söz mənim əlifba haqqında Tehrana yazıb göndərmiş olduğum məsələlərə gəlib çatdı. Həmin şəxs çox israrla məndən xahiş etdi ki, həmin yazıların surətini sabahısı gecə gətirib, onun üçün oxuyam. Mən onun xahişini qəbul etdim və sabahısı axşam yazıları gətirdim və ona oxumağa başladım. Lakin həmin şəxs, fövrən, qabağına bir şüşə araq qoyub, noğul-məzə də gətirtdirib, dalbadal araq içməklə məşğul oldu. Belə ki, bir-iki dəqiqə ərzində ağlı başından getdi. Mən qəlbən çox incidim, amma incikliyimi üzə vurmadım və o qədər dözdüm ki, konsulun nökərlərindən biri otağa daxil olub dedi ki: “Əbdürrəsul xanı bir nəfər o biri otaqda çağırır”. Əbdürrəsul xan bu xəbəri eşidən kimi dərhal dik atılıb getdi. Mən bildim ki, onun üçün fahişə gətirmişlər. Halbuki, konsulxana ədalət məhkəməsidir və bir növ müqəddəs yer sayılır. Ona görə də belə bir yerə hər gedib-gələn üçün fahişə gətirmək mənim fikrimcə əcnəbi xalqlar gözündə çox çirkin əməllərdən sayılır. Hər halda, mən yazıları oxumağı dayandırıb, əsəbi halda oturdum. Bir qədər sonra Əbdürrəsul xan pərişan və şaşqın halda qayıdıb dedi: “Filankəs, yazılarını oxu, qurtar!” Mən dedim: “Mən yazılarımı ancaq elə bir adama oxuyaram ki, başında ağlı ola, qəlbində aramı. Sizin isə indi içdiyiniz arağın təsirindən nə başınızda ağıl var, nə də fahişənin gəlməsi münasibətilə qəlbinizdə aram”. Konsul Əli xan dedi: “Filankəs, haqlısınız! Yazıları oxumaq başqa bir asudə vaxta qalsın. Əbdürrəsul xana icazə verin, aycamallı qızın yanına getsin!” Mən dedim: “Buyursun!..” Əbdürrəsul xan dərhal qalxıb, tərsa qızının yanına getdi. Bir neçə dəqiqədən sonra onların olduğu otaqdan qalmaqal səsi eşidildi. Məlum oldu ki, “şəni yüksək olan” xan, qızın üstünə qusmuş və onun paltarını bulamışdır. Qız şikayətə başlamış və min cür söyüş və nalayiq sözlərlə onun yanından qaçmışdır. Xanın isə nə özündən xəbəri var, nə də qızdan. Sərxoş və ağlı itmiş halda ölü kimi otağın fərşinə düşüb qalmışdı. Elə ki mən bu əhvalatı gözümlə gördüm və evə qayıtdım; həmin gecə bu beytləri Əbdürrəsul xanın vəsfində yazdım. * * * Mənim əzəmətli ağam! Siz bilirsiniz ki, mən şər-şür adam deyiləm. Lakin əgər bir nəfər hörmətimi saxlamayıb, özünü mənim qarşımda Əbdürrəsul xan kimi ədəbsiz göstərərsə, mən ona nifrət edərəm və haqqında pis danışmaq-dan özümü saxlaya bilmərəm. Xələc alayının komandiri sərhəng Mahmudağanın qardaşı, Kirman alayının komandiri sərhəng Əliağa da Tehranda bu adamı türkcə həcvə qoymuşdur. Ona görə də, bəzi misralarda Əliağaya xitab olunur. Onun həcvindəki bəzi misraların məzmunu münasibətilə bu misralar göstərilən şərh ilə Təbrizdə və Tehranda əldən-ələ gəzəcəkdir. Əzəmətli ağam! Siz mənim polkovnik olmağım münasibətilə hələ mənə təbrik yazmamışsınız. Yazıq Süruş vəfat etmişdir. İndi onun haqqındakı tənqidi Tehrana göndərmək olar. Öz vəziyyətinizdən bir qədər yazın, görüm nə işlə məşğulsunuz. Eşitdiyimə görə, bu sətirləri yazanın əsərini çap edibsiniz. Çox yaxşı işdir və mədəniyyət sahəsində atılan ilk addımdır. Eləcə də məlum olur ki, “Napoleon qanunları”nı farscaya tərcümə edirsiniz. Vallah, yaltaqlanmadan və riyasızlıqla deyirəm ki, sizin bu işlərinizə ürəkdən sevinir və hümmətinizə ixtiyarsız pərəstiş edirəm. Kaş mən də sizin yarınız qədər işgüzar olaydım. Nə fayda ki, başımda çoxlu coşqun fikirlər varsa da, onları yazmaq işində tənbələm və özüm də öz tənbəlliyimdən şikayətçiyəm. Bəlkə də mənim tənbəlliyimə səbəb öz xalqıma mənsub olanların məni təşviq etməməsidir. Altı aydan çoxdur ki, əlifba haqqında Tehrana elə bir müfəssəl və həkimanə izahat göndərmişəm ki, mənim fikrimcə əgər Afrika və Amerika vəhşilərinə yazsaydım, mütləq təsir edərdi. Lakin bunlar Tehrandakı dövlət başçılarının təbiətinə əsla təsir etmir, bu günə qədər onlar mənə cavab belə verməmişlər. Mən yazıq nə edim? Əlacım bircə ona qalmışdır ki, siz Tehrana gedəsiniz, ya maarif naziri, ya ticarət naziri, ya da tənzimat naziri olasınız ki, bəlkə mənim işlərim bunun sayəsində irəliləməyə başlasın. Bu günlərdə babilərin toplaşması nəticəsində Tehranda başqa bir qovğa yaranmışdır. Görək, işin sonu nə ilə bitəcəkdir. Gözümün nuru Hüseyn xanın vəziyyətindən yazın görüm nə işdədir və nə ilə məşğuldur? Mənim Rəşidim beşinci sinfi bitirib, altıncı sinfə keçmişdir. Fransız dili üzrə bu il irəliləməsi aydın görünür. Adres: Cəlal sahibi, əzəmətli ağam, dövləti-əliyyeyi-İranın Fransadakı səlahiyyətli səfiri Mirzə Yusif xan cənabları mütaliə buyursunlar. Darüssəltəneyi-Parisdə. Sizə ixlası olan Mirzə Fətəli 1869-cu il, avqust ayı. Qocur yaylağı * * * Münif əfəndiyə Əziz qardaşım Münif əfəndi! İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir. Hazırda İstanbulda yaşayan əziz qardaşım Melkum xan, keçən il islam əlifbasını dəyişdirmək üçün özünün düzəltmiş olduğu hərflərin şəkillərini çap etdirərək, aramızda olan möhkəm dostluğa əsasən rəyimi bilmək üçün mənə göndərmişdi. Odur ki, mən bu yeni şəkillərin üstün cəhətini müşahidə edib, bəzi nöqsanlarını da görərək, bu iki cəhət haqqında ətraflı izahat yazıb həmin şəkillərlə birlikdə İran dövləti nazirlərinin müzakirəsi üçün göndərdim və xahiş etdim ki, bu məsələyə diqqət yetirib, bir tədbir görsünlər ki, köhnə əlifbanı dəyişdirmək yolu ilə Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və məşəqqətdən xilas olsunlar. İndi İran nazirləri mənim həmin izahatımın müqabilində bu cavabı yazmışlar ki, eyni ilə sizə yazıram: “Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır. Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacı yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəliq, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə mövcud olan xətlərin hamısından üstündür. Biz heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik, Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də. Belə olduqdan sonra mən Mirzə Fətəli Axundzadə lazım bilirəm ki, əlifbanı dəyişdirmək barədə yazdığım həmin ətraflı izahatın surətini Osmanlı dövlət başçılarının xidmətinə ərz edim. Əlbəttə, o məqsədlə yox ki, onu icra etsinlər, bəlkə də göstəriş versinlər ki, bu yeni fikrimizi yenə də Osmanlı Cəmiyyəti-elmiyyəsi müzakirə edib, çap etdirsinlər ki, islam xalqlarının gələcək nəsilləri üçün bir sənəd olaraq qalsın və onlar bilsin ki, biz islam əlifbasını dəyişdirməyin vacibli iş olduğunu anladıq, lakin müasirlərimiz buna razılıq vermədilər və günəşdən aydın olan bu məsələni lüzumunu, qəbuledilməz bir sıra dəlillərlə inkar etdilər və buna görə də min təəssüflə və həsrətlə bu dünyadan getdik. Bəlkə də gələcəkdə bizim mədəniyyət dairəsinə qədəm qoyacaq övladlarımız bu məqsədimizi arzudan əmələ çevirsinlər. Əziz qardaşım olan siz Münif əfəndidən, dostluq və qardaşlıq naminə, mənim ərizəmi, yuxarıda qeyd etdiyim izahatla bərabər, şərafətli sərkar sədr-əzəmin xidmətinə yetirib, mənim fikirlərimin Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilməsi üçün o cənabdan icazə almağınızı xahiş edirəm. Bu məsələ haqqında şərafətli sərkar sədr-əzəm tərəfindən veriləcək hər cür tapşırığı Tiflisdəki Osmanlı konsulu vasitəsilə mənə xəbər verməyinizi rica edirəm. Əgər bu məsələ Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilərsə, çapdan çıxdıqdan sonra ondan iki nüsxə mənə göndərin. Eyni zamanda, nəzərinizə çatdırmağı lazım bilirəm ki, öz şəklimi və habelə üzərində Bəhramın yeddi qəsrinin təsviri çəkilmiş qızıl davatlı və minalanmış bir qələmdanı yadigar olaraq sizə təqdim edirəm. Bundan başqa, şəklimdən beş nüsxə də əlavə göndərirəm. Onlardan birini əziz qardaşım Arif bəyə verib, salamımı ona çatdırın! Birini isə mən orada olduğum zaman Osmanlı Cəmiyyəti-elmiyyəsində iştirak edən gəncə təqdim edin! Mən onun adını unutmuşam. Xatirinizə salıram ki, onunla məni siz tanış etdiniz və dediniz ki, Ərzurum valisinin oğludur. Şəkillərdən üçünü isə əlifba məsələsinin vacib məsələ olduğunu etiraf edən Osmanlı dövlətinin məsul işçilərinə verin! Bunlardan başqa həmin məktubumla bərabər, sizə Süavi əfəndinin əqidəsinə qarşı yazdığım tənqidi məktubu da göndərirəm. Onu da Osmanlı Elmi cəmiyyətində çap etdirib, yaymağınızı xahiş edirəm ki, elm və savad sahibləri bilsinlər ki, köhnə əlifbanın islahı haqqında Süavi əfəndinin fikir və məsləhətləri ağılsız və mənasızdır! Əziz qardaşım Münif əfəndi! Bir də öz xahişimi təkrar edirəm ki, köhnə əlifbanı dəyişdirmək haqqında və yeni əlifbanın tətbiqi işində səyinizi əsirgəməyəsiniz. Bu xüsusda hər gün danışmaq və çalışmaq sizə mümkündür. Yəqin ediniz ki, bundan sonra dünyada yüz il yaşasanız belə, bundan yaxşı bir iş görə bilməyəcəksiniz. Əgər avropalıları bu məsələ ilə tanış etmək məqsədilə İstanbulda çıxan fransızca qəzetlərdən birində əlifbanı dəyişdirmək haqqında məqalə yazılarsa, çox yaxşı olar. Ola bilsin ki, avropalılar bu işdə bizə kömək etsinlər. Hər halda, belə bir işin yaxşı nəticəsi ola bilər. İstanbuldan yola düşərkən, sizə dilcavabı şikayət etdiyim oradakı düşmənimi cənabınız yaxşı tanıyırsınız. Mən bu məsələdə onun bədxahlığından, fitnə və fəsad törətməyəcəyindən yenə də xatircəm deyiləm. Bir də cənabınız mənə söz vermişsiniz ki, türkcə çap edilmiş əsərlərimi osmanlı dilinə tərcümə etdirib, nəşr edəcəksiniz. Bu vədiniz hələ də nəticəsiz qalır. Son zamanlarda eşidirəm ki, İstanbulda teatr binası tikilir. Əgər belə olarsa, mənim əsərlərimin o teatrda tamaşaya qoyulması münasib bir iş olar. Bu xüsusda da mənə yazıb bildirməyinizi xahiş edirəm. Kolonel Mirzə Fətəli Axundzadə Tiflis, 1870-ci il, yanvar ayı * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski həzrətlərinə 28 yanvar 1870-ci il, Tiflis şəhəri Həzrət-əşrəfinizə məlum olduğu kimi keçən il yazda mən həm müsəlmanların özü üçün və həm də avropalılar üçün Şərq ədəbiyyatını öyrənmək işini asanlaşdırmaq məqsədi ilə islam əlifbasını dəyişdirmək haqqında tərtib etdiyim bir layihəni Tehranda Maarif Nazirliyinə göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana vermək haqqında Qafqaz canişinliyinin Baş idarəsi rəisi zati-alinizdən icazə almışam. O zaman mən sizə bildirmişdim ki, həmin layihə 1863-cü ildə mənim tərəfimdən Konstantinopola aparılmış və oradakı Elmlər Akademiyasında müzakirə edilmişdir. Hazırda mən İran Maarif Nazirliyindən məlumat almışam ki, bu nazirlik müxtəlif səbəblərə görə mənim fikrimi həyata keçirməyi mümkün hesab etmir. Buna görə də yeni layihəmi yenə də Türkiyə Elmlər Akademiyasının müzakirəsinə göndərməyi təklif edir. Mənim bu fikrim Konstantinopolda olan sağlam düşüncəli müsəlmanların şüurunda artıq özünə yer salmışdır və orada nəşr edilən jurnallar tez-tez öz səhifələrində islam əlifbasını dəyişdirməyin lazımi iş olması haqqında məqalələr dərc edib, müzakirə açır və bu fikrin tərəfdarlarının sayı gündən-günə artmaqdadır. Mən bu faydalı fikrin birinci təşəbbüsçüsü olduğuma görə, hazırda belə bir qərara gəlmişəm ki, əvvəlki layihəmə nisbətən əhəmiyyətli dərəcədə sadələşdirilmiş yeni layihəmi buradakı Türkiyə konsulunun vasitəsilə yenə də Konstantinopoldakı Elmlər Akademiyasının müzakirəsinə göndərim. Mən bu fikirdəyəm ki, bununla bərabər, Türkiyə sədr-əzəmindən bu layihəni həmin müəssisədə müzakirə etmək üçün göstəriş verməsini də xahiş edim. Mən bütün məktublarımı sədr-əzəmə və daha sonra Elmlər Akademiyasına vermək üçün həmin akademiyanın üzvü olan dostum Münif əfəndinin ünvanına göndərəcəyəm. Buna görə də sizin zati-alinizə müraciət edərək, acizanə xahiş edirəm ki, Qafqaz canişinliyi Baş idarəsi rəisindən bu iş üçün mənə icazə alasınız və yainki, zati-aliləri rəisin keçmişdə verdiyi icazəyə əsasən, özünüz bu icazəni mənə verməklə, dünyanın bütün millətləri və xalqları üçün əlçatmaz sayılan Şərq ədəbiyyatındakı bu çoxəsrli maneəni aradan qaldırmaqdan ötrü sonuncu təşəbbüsdə olmağım üçün mənə imkan yaradasınız. Podpolkovnik Mirzə Fətəli Axundzadə * * * Osmanlı dövlətinin sədr-əzəminə Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli Axundzadədən Ərizə Hazırda İstanbulda olan əziz qardaşım Melkum xan keçən il islam əlifbasını dəyişdirməyə dair tərtib edib çap etdirdiyi hərflərin şəkillərini, aramızda olan dostluğa əsasən, rəyimi bilmək üçün mənə göndərmişdi. Mən isə Melkum xanın düzəltdiyi şəkillərin yaxşı cəhətlərini və onlardakı bəzi nöqsanları da görüb, hər iki cəhət barədə fikrimi müfəssəl bir məktubda yazıb, layihəni İran dövləti nazirlərinin müzakirəsinə göndərdim. Mən onlardan xahiş etmişdim ki, bu məsələnin əhəmiyyətini nəzərə alaraq, elə bir tədbir görsünlər ki, köhnə islam əlifbasını dəyişdirmək yolu ilə, Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və əzabdan xilas olsunlar. İndi mənə məlum oldu ki, İran dövlətinin nazirləri mənim o müfəssəl məktubumun müqabilində bu cavabı vermişlər ki, eynilə buraya köçürürəm: “Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır. Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəlik, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə olan xətlərin hamısından üstündür. Biz, heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik. Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də!”. Belə olduqdan sonra mən Mirzə Fətəli, həmin o müfəssəl məktubun üzünü çıxararaq şərafətmədar və vəkalətpənah sərkarınızın xidmətinə göndərirəm. Əlifbanın dəyişdirilməsi haqqında vəkalətpənah, şərafətli sərkarınızdan ancaq bunu xahiş edirəm ki, tapşırasınız: bu məsələni Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, layihəni nəşr etdirsinlər, qoy əlifbanı dəyişdirmək işi bütün xalq arasında yayılsın ki, dövlət başçıları vaxtı münasib gördükdə, bütün dünya xalqlarının hazırda yiyələnmək istədiyi mədəniyyət şərtlərinin tələbi üzrə köhnə əlifbanı dəyişdirməyin vacib bir iş olduğunu başa düşsünlər. Kolonel Mirzə Fətəli Axundzadə 1870-ci il, yanvar ayı, Tiflis şəhəri * * * Ruhül-qüdsə (Mirzə Melkum xana) Ruhi rəvanım, Ruhül-qüds! Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır. Kitabçanın mənə nə qədər xoş gəldiyini və fikrimə nə qədər qüvvət verdiyini təsvir etmək üçün söz tapmıram. Bu ümidsizlik günlərimdə məni bu dərəcədə şad etdiyinə görə, Allah sizə böyük əcr versin! Mənim bütün düşmənlərimə və bədxahlarıma sübut etmişsiniz ki, islam əlifbasını dəyişdirmək haqqında mənim fikirlərim puç və mənasız deyildir. Konsul Əli xan kitabçanı dönə-dönə oxuyaraq, sizi təqdir edir və afərinlər söyləyir. Kitabça gecə və gündüz Şeyxülislamın mizinin üstündədir. Hər bir şüur və zövq sahibini gördükdə, Şeyxülislam özünə xas olan fitri fəsahət və bəlağətlə kitabçanı oxuyur və məzmununu onlara izah edir. Onun vəcdinin sonu yoxdur. Bu məktubumda onun salamını sizə yetirməyi və onun sizin kimi qiymətli bir vücuda bəslədiyi məhəbbəti bildirməyimi məndən xahiş etmişdir. Xoş halınıza, nə qədər xoşbəxt adamsınız! Adınız hər yerdə dillər əzbəri olmuş, sizi görmək arzusunda olanların sayı minlərlədir. Dünyada həqiqi xoşbəxt adam varsa, o da sizsiniz. Xoşbəxt adam min lirə yığıb, öz bəxtinə güvənən mənim düşmənim deyildir. Onun nə övladı var, nə də xeyirxahları! Arvadı başqalarının qucağındadır, özü də paxıllıq və həsədin gücündən həmişə tir-tir əsir: “Ey paxıl, öl, bəlkə qurtarasan. Çünki bu dərdin əzabından ancaq ölümlə qurtarmaq olar”. Mənim nəzərimdə, bütün dünyanın ən bədbəxt adamı bu kişidir. Allah mənə o qədər ömür verəydi ki, despotun onun lirələrini necə əlindən aldığını və onu həsrət və peşmanlığa düçar etdiyini görəydim. Sizin kitabçanızı oxuduqdan sonra mənə elə gəlir ki, yazımızı soldan-sağa yazmaq şərtilə, əlifbamızı dəyişdirmək əzmindəsiniz. Mənə elə gəlir ki, məhz buna görə də kitabçanızda əlifbada olan üç eybi Şeyxə izah etməyi lazım görməmişsiniz. Əgər mənim zənnim düzdürsə, əgər sizin belə məqsədiniz varsa, nə olur olsun çalışın və iradəli olun! Mən buna zidd deyiləm. Əziz qardaşım Münif əfəndiyə göndərdiyim kitabçanın məzmunundan aydın bir surətdə görəcəksiniz ki, mən də yazının soldan-sağa yazılmasının məsləhət olduğunu söyləmişəm. Əgər yazımız soldan-sağa yazılarsa, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin heç bir eybi qalmayacaq, nöqtələr də atılacaq və bütün erab (saitlər) hərflərin sırasına daxil olacaq, beləliklə də, hərflər arasında bir sıra oxşarlıqlar asanlıqla aradan qaldırılacaqdır. Nəticədə, oxumağın, yazmağın və çap işlərinin asanlığından ibarət olan hər üç məqsədimiz əldə ediləcəkdir. Lakin əlifbamız dəyişilərkən yazımız əvvəlki kimi sağdan-sola yazılarsa, o zaman, sizə göndərdiyim kitabçada qeyd etdiyim kimi, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin bəzi naqis cəhətləri yenə də qalacaqdır. Sözün düzü, sizin kitabınızı oxuduqdan sonra mən köhnə üsula, yəni sağdan-sola yazmaq üsuluna tamamilə nifrət edirəm. Əgər siz yazını soldan-sağa yazmaq təklifini irəli sürməyə cəsarət etməsəniz, bu işə mən özüm cəsarət edəcəyəm. Bu barədə öz fikrimi yenə də Osmanlı Elmi cəmiyyətinə yazaraq, bu üsulun üstünlüyünü qeyd edəcəyəm. Nə olur olsun, nə istəyirlərsə desinlər, sonu budur ki, məni təkfir edəcəklər. Qoy etsinlər! Qorxum yoxdur! Əgər yazımız soldan-sağa yazılarsa, o zaman bizim əlifbamız bütün xalqların əlifbasından üstün olacaqdır. Çünki xalqların hər hansı əlifbasını alsaq, az-çox naqis olduğunu görərik. Lakin bizim əlifbamızda heç bir nöqsan olmayacaqdır. Çünki biz onu düşünə-düşünə, anlaya-anlaya, bilə-bilə tərtib edirik. Əziz qardaşım Münif əfəndidən hələ də cavab almamışam. Mənim məktubumun cavabını ondan istəyin! Aləmin Allahı vəkalətpənah baş nazirə uzun ömür versin ki, bu ümidsizlik günlərində onun himayəsi və iltifatı mənim qəlbimə təsəlli verir. Dünyanı yaradan Allaha min dəfə şükür olsun ki, hazırkı əsrdə bizim xalqın içərisindən də belə bir elmli, bilikli, bacarıqlı, sağlam düşüncəli, qətiyyətli və iradəli vücud yüksək sədrlik məqamına çatmışdır. İksir kimi misli olmayan bu şəxsin varlığı ilə həmişə fəxr etməliyik. Mənim şəklimi istəmişdiniz. İndilik mümkün olmadı. Çünki mən hazırda ailəmlə birlikdə Qocur yaylağında yaşayıram. Bütün şəkillərim Tiflis şəhərində ağzı qıfıllı sandıqda qalmışdır. Allah qoysa, avqust ayının sonunda şəhərə qayıdarkən göndərərəm. Cənab Ruhül-qüds! Əlifbanı dəyişdirmək haqqında “Konstantinopol” qəzetində fransızca məqalə dərc etdirmək mümkündürmü? Əgər mümkünsə, siz allah, zəhmətinizi əsirgəməyib bir şey yazaraq, orada dərc etdirin və məqalənizdə mənim adımı, öz adınızı, bizim müttəfiqlərimiz və tərəfdarlarımızın adlarını, habelə vəkalətpənah sədr-əzəm cənablarının fikrimizi təsdiq və himayə etdiyini qeyd edin! Məsələnin nə yerdə olduğunu, bu işdə müvəffəq olub-olmadığımızı açıqdan-açığa yazın! Məqalə çap edildikdən sonra qəzetdən bir neçə nüsxəsini burada, Tiflisdə böyüklərimə göstərmək üçün mənə göndərin. Çünki bu işin irəli getməsi məqsədilə Osmanlı ölkəsinə yazılar göndərmək istərkən, qulluğumun tələbinə görə böyüklərimdən icazə istərkən, onlar işin nə yerdə olduğunu və zəhmətlərimin nə nəticə verdiyini məndən soruşurlar. Belə olarkən, lazım gəlir ki, işin bir nəticə verəcəyini və zəhmətimin hədər getməyəcəyini onlara söyləyim. Bu cür hallarda sözümün təsdiqi üçün, əlbəttə, əlimdə bir sənəd olmalıdır. Əgər istədiyim məqalə fransız dilində çap olunarsa, çox yaxşı olar. Ancaq bir xahişim var ki, bu məqalədə politika-molitika sözünü bir yana qoyasınız! Bir də yazmışsınız ki, mənim əsərlərimi, hətta “Kəmalüddövlə”ni çap etdirəcəksiniz. Bu barədə sizdən son dərəcədə məmnunam. Doğrudanmı “Kəmalüddövlə”ni də çap etdirəcəksiniz? Elə isə qoyun, onun mükəmməl nüsxəsini sizə göndərim ki, həmin mükəmməl nüsxənin əsasında çap etdirəsiniz. Sizdə olan nüsxə naqisdir. “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi mənim özümdədir. Əgər çap etdirmək lazım gələrsə, mütləq məndəki nüsxənin üzündən olmalıdır. Lakin “Kəmalüddövlə”nin mükəmməl nüsxəsini nə vasitə ilə və hansı inanılmış adamla sizə göndərə bilərəm? Xahiş edirəm ki, belə bir adamı özünüz mənə nişan verəsiniz. Ancaq “Kəmalüddövlə”ni çap edərkən, olmaya-olmaya mənim adımı qeyd edəsiniz! Əgər Süruş haqqında yazdığım tənqidin surəti yoxunuzdursa, yazın onun da surətini sizə göndərim. Əziz qardaşım Münif əfəndidən cavab aldıqdan sonra, qeyd etdiyim qəzet çatdıqdan sonra, sizin xahişinizə əsasən, əlifba haqqında yenə bir şey düşünüb İstanbula yazacağam ki, cənab Münif əfəndinin vasitəsilə vəkalətpənah sədr-əzəm cənablarının nəzərinə çatdırılıb, Osmanlı Cəmiyyəti-elmiyyəsində çap edilsin. Əvvəllər Parisdə səlahiyyətli nazir olan sizin Həsənəli xan qəribə səfeh adammış! Tiflis konsulu Əli xanın adamı Tehranda nazirliyə gedərkən əlifbanı dəyişdirmək haqqında mənim yazılarıma cavab verilməsini ondan xahiş etmişdir. Həsənəli xan isə acıqlanıb o adama demişdir ki: “A kişi, dəli olubsan nədir, əlifbanı dəyişdirmək nə deməkdir?! Sənin ağan Əli xanın başqa işi yoxdurmu ki, divanələrin sözünə qulaq asır və əlifbanı dəyişdirmək haqqında onların yazılarını alıb Tehrana göndərərək, hələ bir bunlara cavab da istəyir? Məgər o bilmir ki, dəlilərin cavabında ancaq susmaq lazımdır?!” Cənab Ruhül-qüds! İndi siz deyin görək, bizim hansımız dəliyik? Dəli Həsənəli xandır, ya mən? Doğrudur, bir cəhətdən mən də dəliyəm ki, Tehranın nazirliyinə layihə göndərmişəm... Qəribə burasıdır ki, Xanıkov da əlifbanı dəyişdirməyin əleyhinədir. Təəssüf ki, mən onu indiyə qədər ağıllı adam hesab etmişəm. Lakin Kazım bəy əlifbanı dəyişdirmək fikrini təsdiq edir. Bu adamı həqiqi alim, sağlam fikir sahibi və hörmətəlayiq bir insan hesab etmək lazımdır. Qocur yaylağına yola düşərkən, görüşmək üçün Qafqaz Şeyxülislamının hüzuruna getmişdim. Mənə buyurdu: “Ruhül-qüdsə yazarsan ki, doğrudur, mən də Şeyxülislamam, lakin Ruhül-qüdsün əqidələrini inkar edən İstanbul Şeyxülislamı kimi deyiləm. Mən, bunu onun vəzirlə mübahisəsindən anlamışam. Mən isə Ruhül-qüdsün əqidələrini hər cəhətdən, istisnasız təsdiq edib, onların doğruluğunu etiraf edirəm”. Sizin sevindirici cavabınızı gözləyirəm. Mənim arzu etdiyim və fransız dilində yazacağınıza ümid bağladığım məqalədə köhnəpərəst və mühafizəkar adamların bizə qarşı müxalifətindən və onların gətirdikləri əsassız dəlillərdən də bəhs edin! Qocur yaylağında, qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, iyun ayı * * * Cəlaləddin Mirzəyə Nəvvabi-əşrəf, yüksək və böyük alinəsəb şahzadə Cəlaləddin Mirzə həzrətlərinə ərz edirəm Allah onun ömrünü uzun etsin! Bu ilin səfərül-müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi və mən müasirim olan qüdrət sahibi həmvətənlərimin, həmxalqlarımın və həmməzhəblərimin elm və sənaye sahəsində tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dalaraq oturmuş və öz xəyalımda bu beytləri oxuyurdum: Bu daimi olmayan dünyada mənim ömrüm Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi çoxluğunun üzündən, Çox tədbirlərə əl atdım, Ancaq səyim bir nəticə vermədi. Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağının böyükləri Hamısı Çin xalqı kimi yatmışlar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim Yeni əlifbanı o ölkədə – Bütün dövlət başçılarına göstərdim. Fikrim çiy deyildi, çox pişkin idi. Birər-birər mənə “Yüz sağ ol!” dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. Mənimlə qələbə arasındakı fasilə bir addım idi. Birdən bir sarı üzlü kişicik – Mənim arzu piyaləmə zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi, O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını (qorxutdu). Çarəsiz Rum torpağından qayıtdım, Orada qalmaq mənim üçün uğursuz idi. Bu nəticəsiz gedib gəlmək haqqında – Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına – Ürəyəyatan bir məktub yazdım. Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni bir qapı açdım. Təəssüf ki, bu vəzir mənə cavab vermədi, Arzu etdiyim kimi əlimdən tutmadı. Bəxtin qapısı üzümə açılmadığına görə, Bu əlçatmaz arzudan əl çəkdim. Bu işi, bu zəhmət və əziyyəti başa çatdırmağı Gələcək nəslə tapşırdım. Birdən aligövhər cavanlardan olan cənnətməkan Nizamüddövlənin oğlu Əli xanın nökəri onun tərəfindən mənə belə bir məktub gətirdi: “Dünya mədəniyyətindən xəbərdar olub, görkəmli alim sayılan həzrətəşrəf, alinəsəb şahzadə Cəlaləddin Mirzə sizi xatırlayıb başınızı ucaltmış və hədiyyə olaraq sizə bir kitab göndərmişdir. Odur ki, həmin qiymətli kitabı görmək üçün gərək zəhmət çəkib mənim mənzilimə gələsiniz!” Təəccüb edərək, öz-özümə dedim: – Əcəba, sübhan-allah! Bu nə xəbərdir? Məgər mənim xalqımın içərisində də elə bir adam tapıla bilərmi ki, dünya mədəniyyətindən xəbərdar olub, qeyrət və təəssübə malik olmuş olsun? Vətənpərvərlik və xalqsevərlik nəşəsini başa düşsün? Belə isə mən nə üçün bu xalqdan naümidəm? Bu sözləri dedikdən sonra vəcdə gəldim, pərişan könlüm sevincdən çiçəkləndi. Ayağa qalxdım və Əli xanın mənzilinə gedib, mübarək kitabınızı ziyarət etdim. Həzrət-əşrəfinizin məktubunu oxuyub min dillə öz minnətdarlığımı bildirib çox təəssüf edirəm ki, indiyə qədər həzrət-əşrəfinizi görməmişəm. Lakin bir şeydə özümə təsəlli verirəm ki, sizin əziz adınızı dilimdə əzbər etmək və qiymətli hədiyyəniz olan bu mübarək kitabı hər dəqiqə gözümün qarşısında saxlamaqla sizi yad edəcəyəm. Həzrət-əşrəfinizin xidmətinə ərz edirəm ki, kitab və məktubunuz çatıncaya qədər mən sizin fəzilət və kəmalınız, habelə vəziyyətiniz haqqında olan həqiqətlərdən o qədər də xəbərdar deyildim. Sizin haqqınızda birinci dəfə mənə alicənab cavanlardan olan Əli xan o qədər yüksək məlumat vermişdir ki, gecə-gündüz sizi görmək həsrətindəyəm. Bilmirəm, sizin əziz vücudunuzu görməyə ömrüm vəfa edəcəkdirmi? Görəsən elə bir vasitə olacaqdırmı ki, sizin əziz vücudunuzu görmək şərəfi və sevinci mənə qismət olsun? Sizin göndərdiyiniz əziz kitabın mənə xoş gəlməsi haqqında ancaq öz tərif və təqdirimi söyləyə bilərəm. Bu kitab xüsusilə ona görə təqdirə və tərifəlayiqdir ki, həzrətəşrəfiniz [bu əsəri yazarkən] ərəb sözlərini bütünlüklə fars dilindən atmışsınız. Kaş, başqaları da sizin kimi edəydilər və dünyanın ən şirin dillərindən olan dilimizi ərəb dilinin istilasından azad edəydilər. Həzrət-əşrəfiniz fars dilini ərəb dilinin istilasından azad edirsiniz. Mən də xalqlarımızı ərəb əlifbasının əsarətindən azad etməyə çalışıram. Kaş üçüncü bir adam da tapılaydı ki, xalqları ərəblərin gətirdiyi bir çox pis adətlərdən azad etməyə çalışaydı. Bu ərəblər bizim minillik tarixi olan yüksək şöhrətə malik ədalətli dövlətimizi zavala uğratdılar; yer üzünün cənnəti sayılan vətənimizi xarabazara döndərdilər, bizi bu cür zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə saldılar. Kaş, elə bir şəxs olaydı ki, bizi bu vəziyyətdən azad edəydi. Lakin bu şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə deyil, filosofluq, alimlik yolu ilə meydana çıxaydı. İndi ki, qeyrətin çoxluğundan həzrət-əşrəfiniz belə bir çətin işə, yəni əsər yazmaq işinə əl atmısınız, mən arzu edirəm ki, əgər mümkün etsəniz, bizim babaların yadigarı olan Yəzd atəşpərəstlərinin yazılarından və tarixi kitablarından bəzi tarixi xəbərləri və rəvayətləri əldə edərək, onları da beşinci kitab adı ilə əsərinizə daxil edəydiniz. Ərəblərin istilası nəticəsində bu yazıqların başına nə müsibətlər gəldiyini biz hələ müfəssəl şəkildə bilmirik. Bu tayfanın qədim vəziyyəti, onların padşahlarının hakimiyyət üsulu və qanunları haqqında bizim bildiklərimiz ancaq icmaldan ibarətdir. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni, həm də maraqlı ola bilər. Yəzd mahalında yaşayan atəşpərəstlərin öz dillərində və öz əlifbaları ilə kitablarının olub-olmadığını bilmirəm. Eşitdiyimə görə atəşpərəstlərdən bir qədəri Hindistanda yaşayır. Onların kəcərati dilində kitabları vardır. Yəzd mahalında yaşayan atəşpərəstlərin də kəcərati dilində kitablara və kəcərati əlifbasına malik olmaları ehtimal olunur. Bu məsələni yazdığıma görə məni bağışlayın! Çünki siz məktubunuzda mənə xəyalıma nə gələrsə, yazmağımı buyurmuşdunuz. Ona görə də bu məsələni yazdım, başqa bir şey fikrimə gəlmədi. Bir də mənim bəzi əsərlərim var ki, doğrudan da həzrət-əşrəfinizin mütaliəsinə layiq görülə bilər. Lakin təəssüf ki, bəzi səbəblərə görə onların çoxu hələ çap edilməmişdir. Onlardan biri mənim türkcə “Təmsilat”ımdır. Bu əsərləri yazmaqdan məqsədim, öz xalqımı Avropada məmul olan dram və teatr sənəti ilə tanış etmək idi ki, bəlkə mənim başqa həmvətənlərim də son dərəcə faydalı olan bu gözəl sənətin şərtləri və tələbatı ilə tanış olub, bu cür əsərlər yazmağa başlasınlar. Bu məqsədlə də öz komediyalarımdan bir nüsxəsini həzrət-əşrəfinizə göndərirəm. Mümkündür ki, burada olan bəzi əsərləri Avropa teatrlarında olduğu kimi, xüsusi geyimlərlə bəzəndirilmiş personajların vasitəsi ilə hərdənbir dostların yığıncağında tamaşaya qoydurub, həzz alasınız. Bundan başqa, oxunması maraqlı olan Süruş haqqında yazdığım tənqidin da surətini sizə göndərirəm. Bir də əgər həzrət-əşrəfiniz sizə ixlası olan mənimlə iltifat üzündən məktublaşmağı davam etdirərək, öz fikir və planlarınız haqqında hərdənbir mənə yazsanız, özümü xoşbəxt adamlardan biri hesab edərəm. Mən də öz növbəmdə, sizin hər bir məktubunuza dərhal cavab yazıb, həzrət-əşrəfinizin qiyabi mərhəməti ilə kədərli könlümə təsəlli verəcəyəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 15 iyun 1870-ci il, Tiflis şəhəri * * * Cəlaləddin Mirzəyə Tehrana, Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə həzrətlərinə 1870-ci il sentyabr ayının sonlarında yazılmış ikinci məktubun surəti Həzrət-əşrəf, yüksək və böyük, alinəsəb şahzadə Cəlaləddin Mirzənin hüzuruna ərz edirəm. Həzrət-əşrəfinizin əziz məktubu iyul ayında yetişərək, sonsuz minnətdarlığıma səbəb oldu. Təəssüf edirəm ki, mən məktublarımı sizin kimi, ərəb sözlərinin qarışığı olmadan xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi isə bu adəti tərk etmək mənim üçün çox çətindir. Məndə günah yoxdur. Ərəblərin evi yıxılsın! Bu barədə məni bağışlamalısınız. Sizin məktubunuzu əvvəldən axıra qədər dönə-dönə oxudum. Əhvalınızdan tamamilə xəbərdar oldum. Sizin hümmətinizə, zövqünüzə və incə nüktələri anlamaq qabiliyyətinizə və hər işdən agah olmağınıza afərinlər söylədim. Zərdüştilərin əhvalatını, əlbəttə, necə ki, məsləhət görürsünüz, eləcə də yazacağınızı ümid edirəm. Bundan başqa, əgər mənim yazılarımda bəzi fransız kəlmələrinin imlası əslində olduğu kimi yazılmırsa, bunun səbəbi odur ki, bir tərəfdən, mən özüm fransız dilini bilmirəm, digər tərəfdən isə bir çox qüsurları olan bizim əlifbamız xarici dillərdən alınan kəlmələri düzgün ifadə edə bilmir. Ümid edirəm ki, bu məsələdə də məni bağışlayacaqsınız. Lakin mən rus dilini yaxşı bilirəm. Hazırkı əsrdə rus dili həm inşa cəhətdən, həm də başqa cəhətlərdən gündən-günə tərəqqi edir və incə mətləblərin ifadəsi üçün doğrudan da misilsiz bir dildir. İndi isə mətləb üstünə gələk. Köhnə islam əlifbasını dəyişdirməyin din, dövlət, ölkə və xalq üçün nə qədər faydalı bir iş olduğuna dair bu məktubda müfəssəl dəlillər gətirməklə başınızı ağrıtmaq istəmirəm. Hələ inişil bu məsələyə dair yazıb tərtib etdiyim bir neçə layihə və kitabçanı Tiflisdəki İran konsulxanası vasitəsilə Tehrana, Maarif Nazirliyinə göndərmişəm. Bu günə qədər mənə cavab verməmişlər. Bilmirəm, bu sənədlər Maarif Nazirliyinə çatmış və məni cavabsız qoymuşlar, ya onlara çatmamışdır. Xahiş edirəm ki, cənabınız lütf edib, guya mənim tərəfimdən deyil, başqa bir vasitə ilə xəbər tutmuş adam kimi bu məsələni öyrənəsiniz ki, kitabça çatmışsa, cavabının verilməsinə nə kimi bir hadisə və ya nə kimi fikir səbəb olmuşdur?! Yazmışsınız ki, “ərəblərin əlindən qəlbim qana dönmüşdür”. Düzdür, mən də sizin sözünüzə şərikəm. Bəs nə üçün bu fikrinizi ərəbləri üluhiyyət məqamının şəriki hesab edən kirmanlı Hacı Kərim xan Qacara demirsiniz? Bağışlayın, bunu yazmaqda səhv edirəm. Çünki siz buyurmuşsunuz ki, dodağınızı tərpətməyə belə ixtiyarınız yoxdur. Belə isə, sizin qəlbinizə təsəlli vermək üçün bir nəfər adamı sizə nişan verirəm ki, hərdənbir onunla söhbət etməklə dərd-qəminizi dağıdasınız. Son zamanlarda İranın Parisdə olan səlahiyyətli naziri Mirzə Yusif xan Tehrana çağırılmışdır. Hazırda oradadır. Mənim nəzərimdə, bu şəxs dünyanın bütün möbidləri, ağıllıları və filosof təbiətli adamları içərisində əvəzsiz bir insandır. Mənim etiqadımca, indiki dövrdə İran şahının belə bir fərasətli, düşüncəli, inamlı və dövlətsevən qulluqçusu yoxdur. Cənabınız həmin Mirzə Yusif xanla tanış olub, onun İran dövlətinin mənafeyi və islam xalqlarının tərəqqisinə aid yazmış olduğu kitabçalarını oxuyun! Siz “Vəzir və rəfiq” kitabçasını da onda görə bilərsiniz. Bu kitabçanın nüsxəsi məndə yoxdur. Əgər onunla xüsusi dostluq yaratmış olsanız, “Hidayətlə söhbət” və ehtimal edilə bilən bəzi başqa şeyləri də onun yanında tapa bilərsiniz. Ruhül-qüds həzrətləri Mirzə Yəqub xanın oğlu Mirzə Melkum xandır ki, onun əsərlərini oxuyarkən mənə üz verən sonsuz sevinc, vəcd təsirinin nəticəsində bu ləqəbi ona mən vermişəm. “Vəzir və rəfiq” kitabçası onun əsəridir. Ruhül-qüds bu son günlərdə islam əlifbasının dəyişdirilməsinə dair bir kitabça yazmışdır ki, onun həqiqəti söyləyən məzmununu oxumaqdan insan mənəvi ləzzət alır. Arzu edirəm ki, şahzadə həzrətləri Ruhül-qüdsün bu kitabçasını oxuyub, bu xüsusda öz fikrini və təəssüratını mənə yazsınlar. Bu kitabçadan Mirzə Yusif xanda vardır. Dövləti xidmət işlərində Mirzə Yusif xanın vəziyyəti bir qədər pərişan idi. Bu cəhətdən çox nigaranam. Əgər onun işləri yaxşı nəticə ilə başa çatmışsa, ümid edirəm ki, onun müjdəsini yazıb, məni təşvişdən qurtarmaqla, həmişə özünüzə minnətdar edəcəksiniz. Vəd etdiyiniz dastanın gəlib çatacağının intizarındayam. Hazırda Tiflis şəhərində şiddətli vəba xəstəliyi vardır. Mən də bu günə qədər tək-tənha Qocur yaylağında qalmışam və xəstələnməyin qorxusundan şəhərə qayıda bilmirəm. Yaylaqda isə soyuq bizi sinsidib və qəlbimizi pərişan edib. Məktubu uzatmaq istəyirdim. Lakin yeni və maraqlı bir mətləb xatirimə gəlmədi. Sizə ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, sentyabrın sonlarında, Qocur yaylağında * * * Ruhül-qüdsə Ruhi-rəvanım Ruhül-qüds! Bu ilin 25 aprelində yazdığınız məktubun cavabını həmin ilin iyun ayında, keçmişdə Münif əfəndiyə məktub göndərdiyim Stepan əfəndinin vasitəsilə göndərmişdim. Bilmirəm, o məktub sizə yetişmişdir, ya yox? Əgər yetişmişsə, onun cavabını göndərməyinizi gözləyirəm. Əgər məktub çatmamışsa, Stepan əfəndidən onu tələb edin! Hər halda, mən sizin cavabınızı gözləyirəm. Məni nigarançılıqdan qurtarın! Bir də mən bir məsələ haqqında son dərəcə təşvişə düşmüşəm ki, qəlbən sevdiyim və sonsuz inandığım Münif əfəndi nə üçün gərək mənim yazılarıma cavab göndərməsin. Hətta, mən bu xüsusda ona teleqram göndərib cavabının pulunu da Tiflisdə verdim və təcili cavab verməsini xahiş etdim. Lakin yenə də cavab almadım. Bu məsələ məni çox təşvişə və heyrətə salmışdır ki, cənab Münif əfəndinin mənə qarşı belə etinasızlığının səbəbi nədir? Münif əfəndinin bu cür münasibətinin səbəbini mənə tezliklə xəbər verib, nigarançılıqdan qurtarmağı acizanə surətdə sizdən xahiş edirəm. Əlifba haqqında mən öz kömək və xidmətimi sizdən əsirgəməyəcəyəm. Bu xüsusda fikrimə gələn hər bir şeyi, o ölkənin qanacaqlı adamları və bu məsələnin tərəfdarları nəzərində aydınlaşdıracağam. Özünüz bilirsiniz ki, mənim əlifba haqqındakı fikrimin müvəffəqiyyətlə başa çatmasından qeyri heç bir arzum yoxdur. Lakin dostlar məktublarıma cavab göndərmədikdə qəlbim sıxılır. Axı, mən dostlarımın xeyrini istəyirəm. Əgər mən xeyirxah adam deyiləmsə, nə üçün sizin tərəqqiniz, elmləri öyrənməyiniz, mədəniyyətə yiyələnməyiniz üçün on ildən artıqdır ki, hey bağırıram: qardaşlarım, əlifbanızı dəyişdirin! Belə olduqda mənim məktublarımı cavabsız qoymaq rəvadırmı? İyun ayında əlifba məsələsinə dair cənabınıza bir məktub yazmışdım. Həmin məktubda sizdən kiçik bir şeyi, yəni əlifbanı dəyişdirməyin lazım və düzgün bir iş olmasına dair fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində çap etdirməyi xahiş etmişdim. Bu günə qədər o məktubumun sizə çatmasına dair məlumat almamışam. İyun ayında yazdığım məktub çox vacibli idi. Onun çatmasına dair xəbər almadığıma görə çox nigaranam. Bəlkə o məktub itmişdir? Əgər doğrudan da məktub sizə çatmamışsa, yazıb bildiriniz ki, surətini çıxartdırıb sizə göndərim. Xülasə, cənab Ruhül-qüds! Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə, Münif əfəndinin mənim məktublarıma cavab yazmamasının səbəbləri və iyun ayında göndərdiyim məktubun sizə çatıb-çatmaması haqqında xəbər verməklə, məni tezliklə nigarançılıqdan xilas edin! Mən bu xüsusda çox nigaranam. İyun ayında yazdığım məktubda şəklimi göndərəcəyimi sizə vəd etmişdim. Odur ki, həmin zərfin içərisində göndərirəm. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, 25 oktyabr, Tiflis şəhəri MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN 1870-ci İLDƏ Fətəli şah qacarın oğlu şahzadə cəlaləddin MİRZƏYƏ GÖNDƏRDİYİ AZƏRBAYCANCA “TƏMSİLAT”ın Bir səhifəsində yazmış olduğu mətləbin surəti Bu cür əsərlərin əsas məqsədi əxlaqı yaxşılaşdırmaqdır. Avropanın mütəfəkkirləri və filosofları anlamışlar ki, insanların təbiətindən və tinətindən eybləri və pis əməlləri ancaq məsxərə və istehza vasitəsilə rəf etmək olar. Buna görə də, onların istilahınca dram fənni adlanan bu cür əsərlər yazmağa başladılar və bundan sonra teatr adı ilə məclislər və cəmiyyətlər təsis etdilər ki, eyib və pis əməl sahiblərinin surətini xalqın qarşısında göstərib, yaramaz adamların çirkin işlərini mücəssəm etsinlər ki, camaat onlardan ibrət alıb, pis və çirkin əməllərdən uzaqlaşsın. Əgər əslində fars olub, türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu “Təmsilat”ı kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əskiltmədən, sözçülüyə və qafiyəpərdazlığa yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş olar, həm də özü bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər. * * * Mirzə Melkum xana Cənab Ruhül-qüds! “Kəmalüddövlə”nin mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Lakin onu sizin özünüzün məsləhət gördüyünüz şəxsdən başqa, sizə gətirmək üçün heç kəsə tapşıra bilmərəm. Bir də sizin ikinci məktubunuzdan mən və Şeyxülislam sizin İstanbuldakı hazırkı vəziyyətinizi başa düşdük ki, nədənsə, qəlbiniz bir qədər kədərlənmişdir. Əlbəttə, bu ürək sıxıntısının başqa bir səbəbi yoxdur. Səbəb ancaq odur ki, sizin müasirləriniz fikrinizi və sözlərinizi başa düşmürlər və lazım olan hümmət və qeyrətə malik deyildirlər. Mən özüm də on ildən artıqdır ki, belə bir ürək sıxıntısına mübtəlayam. Yadınızdadırmı, mən İstanbula gəldikdə sizdən başqa bir nəfər də olsun məni tanıdımı ki, kiməm, nə üçün gəlmişəm və nə deyirəm? Hətta bəzi yerlərdə, xüsusilə İran səfarətxanasında mənim fikrimə güldülər də. Nəhayət, İran səfiri məni töhmətləndirdi də! İstanbuldan mən kədər və təəssüflə qayıtdım. Bununla belə, yenə də öz fikrimdən əl çəkə bilmədim. Mən və siz belə bir təbiətdə yaranmışıq. Biz gərək ömrümüzün sonuna qədər bu yolla gedək. Mənə və sizə, təbiətimizin xüsusiyyətinə görə başqa bir yolla getmək üçün imkan yoxdur. Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq ki, yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz öz aqibəti olmayan arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm. Mənim üçün sizin kitabçanızdan daha yaxşı və daha yüksək və həvəsləndirici bir şey ola bilməz. Əlifba məsələsi, xahiş etdiyim kimi, “Konstantinopol” qəzetində çap edildikdən sonra sizə bəzi başqa şeylər də yazacağam ki, yeri gəldikcə, zikr edəsiniz. Xülasə, hər cür müvəffəqiyyətsizliyə dözmək və qatlaşmaq lazımdır. Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edən və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görməyək! Mənim bu məktubumun hansı vasitə ilə sizə yetişdiyini İran səfarətxanasına bildirməyin! Mən doğrusu, səfirdən çox şübhələnirəm. Ola bilsin ki, səfarətxanadan Stepan əfəndini hədələyib tapşırmışlar ki, mənim məktublarımı sizə çatdırmasın. Hər halda siz mənim keçmiş məktublarımı axtarın! Çünki ikinci məktubumda şəklimi də sizə göndərmişdim. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il dekabrın 27-də. Tiflis şəhəri * * * Mirzə Mustafa xana Əzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin! Son dərəcədə təəssüf edirəm ki, məsafənin uzaqlığı və bizi bir-birimizlə görüşdürə biləcək vasitələrin və təsadüflərin olması məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir. Lakin cənabınız, fitri nəcabətinizin tələbi ilə və təbii hüsn-əxlaqınızla məni görmədən və tanımadan, uzaqdan-uzağa yad edib mənim tərəfdarım, fikirlərimin müdafiəçisi olmuşsunuz. Bu nəcib münasibətinizin müqabilində sizə təşəkkür edirəm; həm də təkcə təşəkkürlə kifayətlənməyib, sizin əziz adınızı yeni əlifbanın həyata keçirilməsi uğrunda mübarizə aparanlar, və mənə kömək edənlərin adlarının sırasında qeyd edərək müasirlərimizin tanıması, oğullarınız və nəvələrinizin gələcək əsrlərdə xeyirlə yad etməsi üçün öz sağlığımda nəşr etdirəcəyəm. Çünki sizin kimi adamların köhnə islam əlifbasını dəyişdirmək uğrunda sərf etdiyi zəhmətlər bizim ölmüş millətimizin yenidən dirilməsinə səbəb olduğu üçün, sizə təşəkkür edib və sizi tərifləmək üçün vacib bir iş sayılacaqdır. Cənabınızın bu məsələ barəsindəki səyləriniz haqqında alinəsəb və gözəl xasiyyətdə olan cavanlardan Əli xan bu günlərdə mənə müfəssəl məlumat vermişdir. Bu tarixdən etibarən mən sizin səylərinizin istənilən nəticələri verməsi ümidi ilə min cür sevinc və ruh yüksəkliyi ilə yaşayacağam. Sizdən xahiş edirəm ki, Darül-xilafədə (Tehranda) sizin mənzilinizdə təşkil ediləcək paytaxt ziyalılarının məclisində də müşavirəyə başlamazdan əvvəl islam əlifbasını dəyişdirməyin lüzumu haqqında Mirzə Melkum xanın yazmış olduğu kitabçanı oxuyasınız. Bu kitabça hazırda müqərrəbül-xaqan Mirzə Yusif xanda vardır. Bundan sonra məclis üzvlərinin məsləhət görəcəyi hər bir qərarı həyata keçirərsiniz. Əzəmətli ağam Əli xandan çox-çox razıyam ki, məni cənabınızla tanış etdi. O məni İranın sizin kimi bir çox nəcib və böyük adamları ilə tanış etmişdir. Təəssüf edirəm ki, Tiflis belə bir cavanın misilsiz vücudundan məhrum oldu. Onun buradan getməsi hamıya çox böyük təsir etmişdir. O, konsul vəzifəsində çalışdığı halda, böyük Rusiya dövlətinin hakim dairələrində özünü ləyaqət və əzəmət cəhətdən bütün nazirlərdən və səfirlərdən daha yüksək tanıtdırmışdır. O, Rusiyada yaxşı bir ad qoyub getdi və həqiqi aristokratlığın mənasını bu vilayətin böyüklərinə layiqincə anlatdı. Doğrudur, bu işin onun öz kisəsinə böyük zərəri var idi. Lakin Allah kərimdir. O, dirhəm və dinar təmənnasında olmayıb, öz dövlətinin adını və şöhrətini yüksəltməyi sevirdi. Kaş, dövləti-əliyyeyi-İranın bütün xarici ölkələrdə xasiyyətinin yaxşılığı, hümmətinin yüksəkliyi, dünyanın işlərindən geniş xəbərdarlığı, iş bacaranlığı və sağlam fikir sahibi olması ilə Əli xana oxşayan bir çox məmurları olaydı... Allah sizi hifz etsin və sizə kömək olsun! Kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. Hicri 1287-ci il, şəvval ayında [yanvar, 1871-ci il] * * * Əli xana Əzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin! Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz. Əlifba məsələsini, əlbəttə, sərkarın buyurduğu kimi, sona çatdıracaqsınız və məni sonsuz sevincə və minnətdarlığa nail edəcəksiniz. Bununla da siz, xalqımız üçün dünyada xeyir bir işin binasını qoyacaqsınız. Cənabınıza məlum edirəm ki, Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra, mən sözlərin tərkibində biri digərindən ayrı və fasiləli hərflərin bitişən hərflərdən çox üstün olduğunu yəqin edərək, təsdiqləyirəm ki, əlifbamız xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılıb və oxunmalıdır. Buna görə də mən sizə məsləhət görürəm ki, əgər bu xüsusda müşavirə çağırsanız, orada iştirak edənlərə təklif edəsiniz ki, yazmaq, oxumaq və habelə kitab çap etmək işlərini asanlaşdırmaq xatirinə Melkum xan tərəfindən bir az əvvəl tərtib edilmiş və nümunələri mənim tərəfimdən Maarif Nazirliyinə göndərilmiş soldan-sağa yazılan fasiləli və bitişməyən hərfləri qəbul etsinlər. Əgər müşavirənin iştirakçıları Melkum xanın ixtira etdiyi hərfləri qəbul edərlərsə, Tehranda qəbul edilən əlifbanın yazılışı ilə İstanbulda qəbul ediləcək islam əlifbası arasında bir uyğunluq əmələ gələcək və beləliklə də islam yazısı hər iki ölkədə bir qayda ilə yazılacaqdır. Siz bu məsələni elmli adamların məclisində şəxsən özünüz izah edin, sonra isə işin nəticəsini və əlifbanın islahı, ya dəyişdirilməsi qaydalarını onların öz ixtiyarına və məsləhətinə veriniz! Mənim məqsədim köhnə islam əlifbasının dəyişdirilməsi və ya islahıdır. Qoy, fəzilət sahibi olan adamlar bu işi öz səliqələrinə uyğun, necə ki, bilirlər, o cür də həyata keçirsinlər. Əzəmətli ağam! Vaveyla, vamüsibəta! Deyirlər ki, bu günlərdə Müşirüddövlə cənabları padşahla bərabər paytaxta gəlib. Bilmirəm, canıma bəla kəsilmiş bu adamın əlindən haraya qaçım və kimin qoltuğuna sığınım?! Əgər o, Tehrana gələrsə, əlifbanı dəyişdirmək məsələsini necə həyata keçirmək olar? Xülasə, bu işin də çarəsini yenə də cənabınız tapmalısınız. Əgər o, Tehrana gələrsə, mənim haqqımda yenə də böhtanlar və iftiralar uyduracaqdır. Onun sayəsində onillik zəhmətim hədərə getdi, Fəryadım yerdən göyə yüksəldi. Pak Allah mənim dadıma çatsın, Qiyamətin günü mənim qisasımı ondan alsın. Zərfin içində Mirzə Mustafa xana da bir məktub yazıram və ona çatdırmağınızı xahiş edirəm. Məktubun məzmunundan xəbərdar olmağınız üçün onun surətini də sizə göndərirəm. Bundan başqa, alinəsəb, yüksək məqamlı şahzadə Cəlaləddin Mirzə həzrətlərinə təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, mənim komediyalarımın tərcümə edilməsi barədə göstəriş vermişlər. Habelə bu zəhməti öhdəsinə götürdüyü üçün Mirzə Cəfərdən çox razıyam. Onun tərcümələrini islah etmək zəhmətini qəbul etmiş İmamqulu xana da öz razılığımı bildirirəm. Bu məsələdə qızğın hümmət və qeyrət göstərən cənabınıza da son dərəcə minnətdaram. İnşallah tərcümələr çapdan çıxdıqdan sonra ya siz özünüz, ya da müqərrəbül-xaqan Mirzə Yusif xanın vasitəsilə ondan hədiyyə olaraq 3-4 nüsxə mənə göndərərsiniz. Sizin Tiflisdə olmamağınız hamıya, xüsusilə mənə çox ağır təsir edir. Sizin qədrinizi ayrıldıqdan sonra bildim. Sizin Tiflisdə qaldığınız üç il ərzində keçən günlər, mənim ömrümün hesabında Qədr gecəsinin ilin başqa gecələrinə görə qiymətli və əziz olduğu qədər qiymətli və əzizdir. İndi isə, mənim munisim Şeyxülislam cənablarıdır ki, sizə dostluq salamı göndərir. Hər gün gözüm sizin vəzifəyə təyin olunmağınızın müjdəsini gətirən qasidin yolunu gözləyir. Rəşid paşa sizə salam ərz edib əlinizi öpür. Mənim arvadım və böyük qızım sizin möhtərəm arvadınıza çoxlu salam yetirir. Nisə xanım sizin qızlarınıza dostluq salamı göndərir və onları bir an da olsun unuda bilmir. Gözümün işıqları olan Hüseyn paşanı və Nəssullah xanı əvəzimdən öpün! Xudavəndi-aləm onları səadətə və uzun ömrə nail etsin! Fransızların vəziyyətindən çox da naümid olmayın. Bu günlərdə onların işi yaxşılığa doğru gedir. İnşallah bu yaxınlarda onların nicat tapmasının müjdəsini eşidəcəksiniz. Əzəmətli ağam! Qəribə bir hadisə üz vermişdir ki, mənim ürəyimi çox sıxır. Müqərrəbül-xaqan Mirzə Yusif xanın Mirzə Əsədulla xana yazmış olduğu məktubdan görünür ki, mənim iki-üç gecə sizin mənzilinizdə gördüyüm və Misirdə vəzifəyə təyin olunmuş Mirzə Sadiq Kaşi Təbrizdən keçərkən, kim isə ona haqqında yazılmış bir həcvi nişan verib demişdir ki, bu həcvi guya mən, Mirzə Fətəli yazmışam. Yəqin, sizin əziz xatirinizdədir ki, Qocurda Hacı Mirzə Əbülfəz bu adam haqqında bəzi-bəzi sözlər danışırdı. Hətta deyirdi ki: “Şamilin Quranını oğurlamışdır”. Mən isə etiraz edirdim və razı olmurdum ki, o Hacı bu yazıq adam haqqında o cür sözlər danışsın. Neçə ola bilər ki, mən qərəzsiz halda şərbaz adam olum? Mənə yaraşan işmidir ki, günahsız adamlar haqqında, xüsusilə belə bir fağır və peyğəmbər övladı olan adam haqqında həcvnamə yazım? Siz Tiflisdə olduğunuz müddətdə mən elə bir şey yazmamışam ki, sizə oxumamış və ya göstərməmiş olam. Mən bu yazıq insan haqqında nə zaman həcvnamə yazmışam?! Siz özünüz şahidsiniz ki, mən həmişə sizin yanınızda onun bədbəxtliyinə ürəkdən acıyıb heyfsilənirdim. Xahiş edirəm ki, öz şahidliyiniz vasitəsilə məni üstümə atılan bu böhtandan xilas etməyə çalışasınız. Cənab Mirzə Yusif xanı və başqalarını da inandırın ki, həcvnamədən mənim heç bir xəbərim yoxdur. Allaha pənah! Nə çirkin bir böhtandır ki, mənim üstümə atmışlar! Sizə səadət və cansağlığı arzu edirəm. Sizin səmimi dostunuz Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1287-ci il, hicri, şəvval ayında [I-1871] * * * Mirzə Melkum xana Ruhi-rəvanım, Ruhül-qüds! Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram. 1287-ci il ramazan ayının 25-də Ağa Mirzə Həsənlə görüşdükdən sonra yazdığınız məktub yetişdi. Məlumunuz olsun ki, Mirzə Yusif xan Tiflisdən keçib getdikdən sonra aprel ayının 25-də yazmış olduğunuz məktubunuzu alıb, cavabını iyun ayında Tiflisdəki Osmanlı konsulunun müavini Zəri əfəndinin vasitəsilə Stepan əfəndiyə göndərdim. Mən vaxtilə mehriban qardaşım Münif əfəndinin məktubunu da həmin şəxs vasitəsilə göndərmişdim. Lakin o, məktubu sizə çatdırmamışdır. İndi iyun ayında yazdığım həmin məktubun surətini sizə göndərirəm. Bir məktub da 1870-ci il oktyabrın 25-də həmin Zəri əfəndinin vasitəsilə sizin öz adınıza göndərmişəm. Bu məktub da sizə çatmamışdır. Halbuki mən hər iki məktubu “istraxovi”, yəni poçt idarəsinin məsuliyyəti altında göndərmişdim. Mən oktyabr ayında göndərdiyim məktubun da surətini hazırda sizə göndərirəm. Əgər mənim məktublarım sizə çatarsa, onların məzmununa əməl ediniz! Əgər bu məktublar onların adresinə göndərdiyim şəxsin vasitəsilə sizə çatmış olarsa, cavablarını da həmin şəxsə verin ki, zərfin içərisində qardaşına göndərsin ki, o da mənə çatdırsın. Mənim birinci xahişim ondan ibarətdir ki, əlifba məsələsini iyul ayında yazdığım məktubda göstərdiyim kimi, fransız dilində yazıb “Konstantinopol” qəzetində çap etdirəsiniz. Sizin üçüncü məktubunuz mənə yetişməmişdir. Onun da surətini çıxarıb göndəriniz. Eyni zamanda, mənim məktublarımın, şəkillərimin və Rusiya poçtu ilə göndərdiyim qələmdan və davatımın mehriban qardaşım Münif əfəndi cənablarına çatıb-çatmadığını mənə yazıb bildirin! Mən Rusiya poçtunda bu cür nizam-intizamsızlığın baş verdiyinə təəccüb edirəm. Mehriban qardaşım Münif əfəndidən cavab gözləyirəm və mənim göndərdiyim şəkilləri adlarını yazdığım adamlara çatdırıb-çatdırmadığını bilmək istəyirəm. Ruhi-rəvanım, Ruhül-qüds! Bir də siz həm aprel tarixli, həm də ramazan tarixli məktublarınızda məndən əlifbanı dəyişdirmək haqqında fikrimi yenidən yazaraq, dəlillərlə bərabər, vəkalətpənah sədr-əzəm cənablarına bir ərizə ilə göndərməyimi xahiş etmişsiniz. Bu xüsusda mən sizə yazmalıyam ki, birinci dəfə vəkalətpənah sədr-əzəm cənablarına ərizə yazmaq istərkən, mən öz qulluq vəzifəmin tələbinə görə böyüklərimdən, yəni qüdrətli Rusiya dövlətinin başçılarından icazə istəmişdim. Bundan sonra da hər dəfə bu xüsusda böyüklərimdən izacə istəməyə məcburam. Buna görə də mən vəkalətpənah sədr-əzəm cənablarına bundan sonra xüsusi ərizə göndərə bilməyəcəyəm. Ona görə də əlifba haqqında fikrimə gələn məsələləri sizə yazacağam. Siz isə mənim yazdıqlarımı vəkalətpənah sədr-əzəmin hüzurunda oxuyub onun cavabını mənə yazın! Hələlik, xahiş edirəm ki, mənim hər iki məktubumun surətini və indi göndərdiyim şeyləri onun hüzuruna aparıb oxuyasınız. İslam əlifbasının dəyişdirilməsinin lüzumuna dair bütün səbəblər və dəlillər sizin kitabınızda yazılıb və bu məsələ bitmiş hesab olunur. Mənim əqidəmcə, bundan sonra bu xüsusda hər cür dəlil axtarmaq artıqdır. Siz birtəhər ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları sizin bu kitabçanızı əvvəldən axıra qədər ya dinləsin, ya da özü oxusun. Bir də dostların köməyi ilə əlifba haqqında Tehranda çox böyük bir həngamə qaldırmışam. Əgər hazırda şahın rikabında Bağdaddan Tehrana gəlməkdə olan Müşirüddevlə cənabları bu işə xələl yetirməsə və bütün tədbirlərimizi zay etməsə, [işlər yaxşıdır]. Hazırda sizi xəbərdar etmək üçün əlifba məsələsinə dair mənimlə bəzi şəxslər arasında gedən yazışmanın surətini həmin məktubla sizə göndərirəm. Birinci olaraq, müqərrəbül-xaqan Mirzə Yusif xana yazdığım məktubu göndərirəm. * * * Mirzə Melkum xana Mirzə Yəqub xan oğlu Mirzə Melkum xana 1871-ci ilin 8 Martında yazılmış məktubun surəti Ruhi-rəvanım, Ruhül-qüds! Bilmirəm, nə edim ki, məktublarım sizə çatsın? Ağa Mirzə Həsənin dediyinə görə, mənə göndərdiyiniz məktub çatdıqdan sonra, əvvəllər sizə göndərdiyim və sizə çatmayan bütün məktubların surətini çıxararaq, həmin il yanvar ayının 1-də möhkəm bir zərfin içərisində Rusiya buxar gəmilərinin sığorta cəmiyyətinin Tiflisdəki kantoruna təqdim etdim ki, sizə çatdırmaq üçün həmin cəmiyyətin İstanbuldakı kantoruna göndərsinlər. Bu günə qədər sizdən o məktubun cavabını da almamışam. Görünür, bu məktub da sizin əlinizə çatmamışdır. Ona görə də xahiş edirəm ki, bu məktub çatan kimi, həmin cəmiyyətin İstanbuldakı kantorunun rəisi Eduard Rudolfoviç Eleştigerin yanına gedib onunla görüşərək, zərfi ondan istəyəsiniz. Əgər itməmiş olsa, cavabını tezliklə mənə göndərəsiniz! Mən özüm də bu il mart ayının 8-də bu xüsusda baron Eleştigerə məktub yazmışam. Əgər bu məktub itmiş olsa, mənə bildirin ki, məktubların surətini təzədən çıxararaq, sizə göndərim. Bu məktubu çox uzatmıram. Çünki bütün məsələlər o zərfin içərisində təfsilatı ilə yazılmışdır. Zərf əlinizə çatarsa, əlifba haqqında bütün məsələlərlə tanış olacaqsınız. Həmin zərf haqqında yanvarın 15-də Məkkə ziyarətinə gedən Şeyx Məhəmməd Tehraninin vasitəsilə sizə fransız dilində yazıb bildirmişdim. Bilmirəm, sizə çatmışdır, ya yox? Hətta mən o adamdan qəbz almışam və möhkəm söz vermişdir ki, məktubumu mütləq sizə çatdıracaqdır. Mənim fikrimcə, məktublarımın sizə çatmamasının səbəbi rus poçtu deyil, İran səfiri Müşirüddövlənin fitnə-fəsadıdır. Allaha çox şükür ki, hazırda İstanbul onun murdar və xəbis vücudunun çirkabından təmizlənmişdir. Bəşəriyyətin düşməni, despotun rəzil nökəri, mədəniyyət yolunun əngəli, öz şəxsi və nəfsi mənafeyinin qulu, elmsiz, savadsız, fəzilətsiz bir adam kimi, haqlı olmadan yüksək mövqe və cah-calal təmənnasında olan bu adam, məhz öz yalançılığı, məkri, hiyləsi, rəzaləti, güclü və şücaətli adamlar müqabilində tülkülüyü, zəiflər müqabilində isə canavar kimi yırtıcılığı ilə özünü islam xalqlarının xeyirxahlarından sayır. O, məni iranlıların və osmanlıların bədxahı adlandırır. Ay baba, mənim iranlı və osmanlı ilə nə işim vardır?! Mən dərvişməslək və bəşəriyyəti sevən bir insanam. hər kəs insanları sevib, mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafında əngəl törədənlərdən kənarda və uzaqdayam. Hər halda, elə bir tədbir görün ki, bundan sonra mənim bütün məktublarım gecikmədən sizin əlinizə çatsın! Belə olarsa, mümkündür ki, əlifbanı dəyişdirmək məqsədi bizim birgə səyimiz və ittifaqımız nəticəsində baş tutar və zəhmətlərimiz hədərə getməz. Vəssalam! Tiflisdə sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. Mart, 1871 Münif əfəndinin məktublarını çatdıran Stepan əfəndi vasitəsilə keçən il sizə bir məktub göndərmişəm, onu tələb edin! Başqa bir məktub da öz əksimlə birlikdə Tiflisdəki Zəri əfəndi vasitəsilə sizin öz adınıza göndərmişəm. Onu da axtarıb tapın! Əxlaqını vəsf etdiyimiz adam bu gün Tehranda ədliyyə naziri olmuşdur. Özü də despotun yaxın adamlarındandır. Despotun təbiətinin tez-tez dəyişməsi və onun vəziyyəti keçmiş nazirlərin sərgüzəştindən sizə məlumdur. Belə olduğuna görə bu adamın bədbəxtliyini və ölümünü çox yaxın zamanlarda, sanki öz gözümlə müşahidə edirəm. Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. Biz istəyirik ki, qüdrət və sərvət sahibi olan müasirlərimiz bu fikri həyata tətbiq etmək yolu ilə gələcək nəsillər yanında iftixar əldə etsinlər. Əgər onlar istər İranda, istərsə də Osmanlıda başqa işləri və başqa fikirləri əlifbanı dəyişdirmək fikrindən vacib və üstün hesab edib, bu fikri həyata tətbiq işində iradəsizlik və qeyrətsizlik göstərsələr, özlərini gələcək nəsillər yanında xar edib, bu məsələnin həyata tətbiqinin iftixarını onlara tərk edəcəklər. Çünki bizim övladlarımız, şübhəsizdir ki, bu fikrin icrasını ölkədə hər cür başqa tədbirlərin və qayda-qanunların icrasından üstün tutacaq və bu fikrin vacibliyini və əhəmiyyətini başa düşməyən müasirlərimizin ağıl və zəkasının azlığına təəssüf edəcəklər. Deyirlər ki, Mirzə Nəbi xanın oğlu Tehranda qanunlar yazmağa başlamışdır. Bilmirəm, dəlidir nədir! Bir halda ki, xalq tamamilə və başdan-başa nəyinki elmsiz və biliksizdir, hətta savadsızdır, bu qanunları kim oxuyacaqdır? Bir ölkədə qanunların və tənzimatın tətbiqi üçün bir neçə nəfərin savadlı olması kifayətdirmi? Tutaq ki, İranda təxminən 14 milyon əhali yaşayır. Bu 14 milyon içərisində savadlıların sayı yarım milyona da çatmır. Əgər yüz min məktəb və mədrəsə yaratsalar da, köhnə əlifbanın sayəsində yenə də savadlıların sayı yarım milyona çatmayacaqdır. Bizim zəmanəmizdə, hətta ordunun əsgərləri belə alman ordusunun əsgərləri kimi savadlı olmalıdır. Halbuki İranın hətta hakimləri, elbəyiləri, kəndxudaları və dövlət xidmətçilərinin əksəriyyəti nəinki elmdən və bilikdən, hətta adi savaddan belə məhrumdurlar. Korlar üçün qanunların yazılıb-yazılmamasının nə fərqi vardır? Bu barədə Osmanlı dövlətinin vəziyyəti İrandan da qat-qat pisdir. Bu dövlətin rəiyyətləri olan səhranişin ərəblərin, türklərin və kürdlərin hamısı savadsızdırlar. Şəhərlərdə savadlılara təsadüf edilirsə də, bunların böyük əksəriyyəti çox yarıtmaz savada malikdirlər. Əgər bu ölkədə olan bütün savadlıları savadsız kütlələrin miqdarı ilə müqayisə etsək, savadlılar savadsızlar yanında qara atın alnındakı ağ qaşqa kimi görünər. Osmanlı dövlətində yaşayan tayfaların bu cür savadsızlığının birinci səbəbi yazı üsulunun çətinliyi və əlifbanın qüsurlarıdır. Digər tərəfdən isə bu çətinliklə bəra-bər, onlar özlərinin türk dilində savadlı olmaları üçün mütləq üç dili bilməlidirlər. Əlbəttə, əgər əlifba asanlaşarsa, üç dili öyrənmək o qədər də çətin deyildir. Əsas çətinlik əlifbanın qüsurları üzündəndir. * * * Cəlaləddin Mirzəyə 1871-ci il mayın 20-də şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti Nəvvab-əşrəf-əmcəd, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm. Əvvəla, pak Allaha çox şükür olsun ki, gözlərinizin ağrısı keçmişdir və bu da sizə ixlası olan mənim sonsuz sevincimə səbəb olmuşdur. Xudavəndi-aləm bundan sonra siz valahəzrətə dərd verməsin ki, siz xəmirəsi pak olan bir vücud və nadir görünən insansınız. Zəmanə sizin kimi yüksək hümmətli bir alimi və hamıya xoş gələn qeyrət sahibini bu dünyada, xüsusilə səltənət ailəsində uzun illər ərzində vücuda gətirə bilməz. İkinci, “Nameyi-xosrovan” əsərinin ikinci cildini mənim başımı ucaltmaq üçün göndərmişdiniz, aldım və həddindən artıq məmnun oldum. Məktubun axırında adını yazacağım şəniyüksək dostlardan birisi ilə zərdüştilərin əhvalatını oxuyub ləzzət apardıq. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir ki, bu hekayə məni vəsfəgəlməz dərəcədə sevindirdi. Onu olduğu kimi, əsərlərimdən birində münasib gördüyüm yerə əlavə etdim. Çünki çox qəribə hekayədir. Mən islam tarixlərinin heç birində onu görməmişdim. Biz bu günə qədər elə bilirdik ki, ərəblər ancaq Misir kitabxanalarını yandırmaqla qədim elm və mədəniyyəti puça çıxarmışlar. İndi məlum oldu ki, bu zalımlar parsların da kitablarını və yazılarını yandırmışlar. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gətirmişlər və onun xarabalığına səbəb olmuşlar ki, onları xatırladıqda hər bir ağıllı insanı ağlamaq tutur. Nə isə, olanlar olub keçibdir. Bundan sonra bu qövmün dini və əməllərinin nəticəsi olan müsibətlərin gələcəkdə rədd edilməsinə çalışmaq və həmvətənlərimizi gələcək bəlalardan qorumaq lazımdır. Göndərdiyiniz ikinci cildi cildçiyə verdim. İndi şahzadənin əsərlərindən iki cildi məndə vardır. Başqa cildlərin yolunu gözləyirəm ki, iltifat edib göndərəcəksiniz. Oğlum Rəşid fars dilini bu iki cilddən və Firdovsinin “Şahnamə”sindən öyrənir. Çingiz xandan tutmuş Səfəvilərə qədər padşahların şəklini axtarıram. Əgər tapsam, göndərməyi əsirgəməyəcəyəm. Amma çətin ki, tapılsın. Eyni zamanda mənim əqidəmə görə bu padşahların ləyaqəti yoxdur, onların şəkli sizin əsərinizdə çap edilsin. Şahzadə! İkinci cild mənə çatan gün, eyni zamanda, ayrıca bir zərfdə Dərviş-fani ləqəbli Manukci Sahib Kəyaninin səyahətnaməsi də məktubsuz mənə çatdı. Belə güman edirəm ki, bu kitabçanı da həzrət-əşrəf mənə göndərmişdir. Hər halda çox-çox şad oldum, şəniyüksək olan dostumla onu əvvəldən axıra qədər oxuduq, yazıq zərdüştilərin əhvalatından xəbərdar olduq. Manukci Sahibin Şeyx Mürtəzaya verdiyi sualları təhlil edərək, Şeyxin cavablarını da görüb, təəssüf etdik. İndi həzrət-əşrəf şahzadədən xahiş edirəm ki, Manukci Sahibi hüzuruna çağırıb, mənim tərəfimdən ona salam yetirsin və mənim dilimdən aşağıdakı mətləbi ona söyləsin: Ey Manukci Sahib! Şeyx Mürtəza və onun kimiləri sizin və həmdinlərinizin qeydinə qala bilməzlər. Allah onlara elə bir fərasət verməmişdir ki, sizin kim olduğunuzu, İranın necə idi, necədir və necə olacağını anlaya bilsinlər, sizin zillətinizin, İranın viranlığının və iranlıların bədbəxtliyinin səbəbini başa düşsünlər... Allah 1280 ildən sonra halınıza rəhm edib iltifat göstərmiş, Fətəli şah Qacarın oğlu Cəlaləddin və Övrəng-Zibi-Bərlasın oğlu Kəmalüddövləyə ilham vermişdir ki, bütün hicri tarix boyunca qaranlıq pərdə dalında gizlənən həqiqət sirlərini kəşf edib meydana qoysunlar, öz əsərləri vasitəsilə öz həmvətənlərini sizin vəziyyətiniz və İranın əhvalı ilə tanış etsinlər, onları qəflət yuxusundan oyadaraq, cəhalət zülmətindən mərifət işıqlığına çıxarsınlar. Ey Manukci Sahib! Cəlaləddinin əsər yazmaq yolu açıqdır və xalq arasında bu əsəri yaymaq üçün hazırda heç bir maneə yoxdur. Lakin Kəmalüddövlənin əsərinin yolu hələ bağlıdır. Çünki Kəmalüddövlənin özü də gizlənir və guşənişindir. Bu əsəri çap etdirmək üçün onun özünün imkanı yoxdur. Lakin onun dostları və həmfikirləri çox-çoxdur. Dünyanın hər tərəfində onun dostları əsərlərinin nüsxələrini almışlar. Çox çəkməz ki, dostları onun əsərini bir yerdə çap etdirib bütün dünyaya yayarlar. Ey Manukci Sahib! Öz həmməzhəblərinizə müjdə və gözaydınlığı verib açıq deyin ki, Kəmalüddövlənin əsərləri çap edildikdən sonra onların üzünə səadət və xoşbəxtlik nəsimi əsəcəkdir və hər yerdə olurlarsa olsunlar, əziz və hörmətli sayılacaqlar. Bu gün onlardan cizyə alan və onları öz nazirlərinə “tyul” (peşkəş) olaraq bağışlayan islam şahları onları öz övladları kimi əzizləyəcəklər. Nəinki onlardan cizyə almayacaq və onları qul kimi bağışlamayacaqlar, bəlkə də, onların hər birinin hər yerdə xoş güzəran və yaxşı vəziyyətdə yaşaması üçün lazımi şərait yaradacaqlar. Çünki onlar bizim babalarımızın yadigarıdırlar və əgər onların nəsli bütün yer üzündə yayılmazsa, ey Manukci Sahib, zülm və istibdadından kitabçada dad çəkdiyin islam tayfasından olan quldurlar və lotular aradan getməyəcəklər. Ey Manukci Sahib! Kəmalüddövlənin sənin həmməzhəblərinə atadan, qardaşdan mehriban olmasına inan! Onun əsəri çap edildikdən sonra bütün İran əhli təəssüf edəcək ki, nə üçün bu günə qədər sizi tanımamışlar və bütün hicri tarixi boyu ərəbləri, yəni özlərinin canının, malının düşmənlərini, onların vətənini xaraba qoyan, onları zəlil və bədbəxt edən bir tayfanı müdafiə etmişlər. Cəhalət üzündən sizə öz qardaşlarına, həmdil və həmvətənlərinə, pak və mələktəbiətli babalarının yadigarlarına zülm və cəfanı rəva görmüşlər. Ey Manukci Sahib! 1280 il dözmüşsünüz, bir neçə il də dözün ki, mənim bu söylədiklərimin nəticəsini görəsiniz. İndiyə qədər sizin haqqınızda olan bütün haqsızlıqlar cəhalət üzündən və həqiqət sirlərini bilməməzlik üzündən əmələ gəlmişdir. Bu cəhalətin üzündən pərdəni götürmək və həqiqət sirlərini açıb meydana qoymağın lüzumu, hicrətdən bu günə qədər heç kəsin ağlına gəlməmişdir. Nəhayət, bağışlayan Allah bu işdə Cəlaləddini və Kəmalüddövləni müvəffəq etmişdir. Ey Manukci Sahib! “Peymani-fərhəng”in, məhbadilərin qanunlarının, Zərdüşt dininin, atəşpərəstlərin qanunlarının və kəyanilər dövlətinin ehyası İranda bundan sonra ağlasığan iş deyildir. Çünki dövlətlərin və dinlərin özünəməxsus ömrü vardır. İnsanların ömrü müəyyən vaxt başa çatdığı kimi, din və dövlət cəhətdən siz də ömrünüzü başa çatdırmışsınız. Dünyanın vəziyyətindən və xalqların mədəniyyətindən yaxşı xəbərdar olduğunuza görə, siz bu xüsusda təmənnalarınızdan əl çəkməlisiniz. Hələlik, İranda islam dini yaşayıb bərqərar olacaqdır. Çünki islam dininin ömrü hələ başa çatmamışdır. Lakin bu din əvvəlki vəziyyətdə və əvvəlki qaydada yaşamayacaqdır. Siz isə, İranda olan müsəlmanların yanında hər kəsdən artıq hörmətli və əziz olacaqsınız. Elə olacaq ki, mühacirətdə olan sizlər öz ata-baba vətənlərinizə, cənnətmisal İrana qayıdacaqsınız. Həzrət-əşrəf şahzadədən yenə xahiş edirəm ki, bu sözlərimi oxuduqdan sonra Manukci Sahibin fikrini öyrənib yazsınlar. Yuxarıda qeyd etdiyim şəniyüksək dostum Qafqazın Şeyxülislamı Axund Molla Əhməd Hüseynzadədir. O, hümmətli və qeyrətli həzrətəşrəfinizin biliyindən vəcdə gəlir. Hər yerdə sizə dua edib tərifləyir. Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, heyət, tarix, hikmət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində Şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof təbiətli və liberal məsləkli bir adamdır. Onun fəzilətləri haqqında əzəmətli ağamız Mirzə Yusif xandan soruşa bilərsiniz. Hər gecə Şeyxülislam cənabları ilə bir yerdə əyləşərək söhbət edirik. Həzrətəşrəf şahzadənin, Mirzə Yusifin və cənab Ruhül-qüdsün adları həmişə bizim məclisimizə zinət verir. Şeyxülislam həzrət-əşrəfinizə qaibanə məhəbbət bəsləyir və sizə salam yetirir. O, sizə məktub göndərərdi, lakin öz vəzifəsinə görə müqəyyəddir. Həzrət-əşrəfinizə ixlası olan Mirzə Fətəli Axundzadə 20 may 1871-ci il, Tiflis şəhəri Cəlaləddin Mirzəyə məktubun ünvanı: Nəvvabı-əşrəf-əmcəd, vala alinəsəb şahzadə Cəlaləddin Mirzə cənnətmə- kan Fətəli şah Qacarın oğluna, Allah onun səadətini daimi etsin! Ayrıca vərəqənin surəti Şahzadə! Avropa camaatının istilahında həqiqi padşah adı o şəxsə layiq görülür ki, qanuna tabe olub, vətənin abadlığı, əmin-amanlığı və xalqın tərbiyə və tərəqqisinin fikri ilə yaşasın. Ərəblərin qələbəsi, farslar dövlətinin zəvalı “Peymani-fərhəng” və məhbadilər qanunlarının ləğvindən sonra İran məmləkətində həqiqi səltənət olmamışdır. Bütün hicri tarixi boyu bu ölkənin hökmdarları hamılıqla despot və həramibaşıların tayı olmuşlar. Buna görə də mən yazıram ki, həmin padşahların ləyaqəti yoxdur ki, şəkilləri sizin əsərinizdə çap olunsun. * * * Cəlaləddin Mirzəyə (ayrıca məktub) Ayrıca məktubun surəti Şahzadə! Səmim-qəlbdən sizə təşəkkür edirəm ki, mənim məktubumu zərdüştilər dastanının müqəddiməsində çap etdiribsiniz. Orada yazılmış beytlər müfəssəl bir mənzumədəndir ki, bütünlüklə göndərməyin yeri deyildi. Bu qədər də kafidir. “Sarısifət kişiciyin” kim olduğu şahzadə həzrətlərinizə məlum oldu, ya xeyr? Allaha and olsun, hər zaman ki, həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır. Elmsizlik və savadsızlıq isə islam əlifbasının çətinliyinin nəticəsidir ki, bunun da əlacı ən asan bir çarə – yəni islam əlifbasını dəyişdirməkdir. Bu çarəni Osmanlı dövlətinin başçılarına nişan verdim, anlamadılar... Nə başlarında zəka, nə də ürəklərində atəş vardır. Sonra onu İran dövlət başçılarına təqdim etdim. İranlılara zəkasız, atəşsiz demək olmaz. Ancaq onlar da ləclik, bədgümanlıq, inad, xudpəsəndlik, təkəbbür üzündən başqalarının ağıllı və haqq sözünü bilə-bilə dinləmək istəmirlər və ağıllı məsləhətlərə əməl etmirlər. İranlıların təbiətində belə bir xüsusiyyət də vardır ki, öz bildiklərinə arxalanıb, başqasından heç cür məsləhət qəbul etmirlər. Buna görə də bu günə qədər mədəni xalqlardan geridə qalmışlar. Ay baba, insan gərək əvvəlcə təqlidçi, iqtibasçı ola və ancaq elmləri və fənləri mükəmməl öyrəndikdən sonra başqalarına müctəhid və rəhbər olmaq fikrinə düşə! Avropa xalqları elmləri və fənləri biri-digərindən iqtibas edə-edə təkamülün bu dərəcəsinə çatmışdır. Xülasə, bir ildən artıqdır ki, Tehranın Maarif Nazirliyinə islam əlifbasını dəyişdirmək barədə sənədlər göndərmişəm. Bu günə qədər nazir hələ mənə cavab verməmişdir. Bilmirəm, sizin bu maarif naziriniz nə işlə məşğuldur. Əgər nazirlik xalqın tərbiyəsi üçün təsis olunmuşsa, bəs nə üçün xalqı tərbiyə etmək fikrində deyildir? Bəs nə üçün görmür ki, 14 milyonluq İran əhalisi içərisində savadlıların sayı yarım milyondan artıq deyildir və bu yarım milyonun da əksəriyyətinin savadı çox qüsurlu və naqisdir. Nə üçün bilmir ki, savadsız adam heyvanatdan bir o qədər də fərqlənməz? Savadsızlar içərisindən mütəfəkkirlər, alimlər və filosoflar çıxmaz. Halbuki xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən-günə inkişaf edə bilər. Nə üçün anlamır ki, savadsızlar müxtəlif sənaye və texnikanı yarada bilməz və bunlarsız vətən, ölkə abad olub, nizama düşə bilməz, sərvət və qüdrət sahibləri meydana gəlməz? Hər halda, həzrət-əşrəf şahzadə həzrətlərinizdən xahiş edirəm ki, əgər xəstəliyiniz keçmişsə, cənab Ruhül-qüdsün islam əlifbasını dəyişdirmək haqqındakı kitabçasını əzəmətli ağam Mirzə Yusif xandan istəyib alın və bir nəfərə buyurun ki, onu sizin mübarək hüzurunuzda oxusun ki, məzmununu dinləyib biləsiniz ki, islam əlifbasını dəyişdirmək lüzumu nə qədər böyükdür. Zalım əcəl də çatmır ki, (Kəbənin Allahına and olsun ki, xilas oldum) deyim. Necə ki, Əli ibn-Əbutalib eləyhissəlam Müaviyənin əlindən təngə gəldiyi üçün İbn-Mülcəmin zərbətini yedikdə demişdi: əcəl çatsaydı, ölüb, hümmətsiz və mürüvvətsiz müasirlərimin mənimlə müxalifətinin nəticəsi olan qəm və qüssədən xilas olardım. Xüsusilə ki, başqa müsibətlər də həyatımı həlahil zəhərindən acı etmişdir. İki yaşında kiçik bir qızım vardı ki, məhəbbətinə sonsuz dərəcədə könül bağlamışdım. Təsadüfən bu günlərdə öldü. İndi onun fərağında ağlayıram, yanıram. * * * Həsənəli xana 1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır. İkincisi, cənab Ruhül-qüds! Vəzir və Şeyxin əlifbanı dəyişdirmək haqqındakı sual-cavabını oxuduqdan sonra mən yeni əlifbanın xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılmasının lazım və vacib olduğu qərarına gəlmişəm və özümün bu xüsusdakı dəlillərimi yazaraq, keçən məktublarımda sizə göndərmişəm. Üçüncüsü, məlumunuz olsun ki, Tehrana göndərdiyim məktublarda mən aşağıdakı sözləri də yazmışam: “Dəmir yolu vacibdir; amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Teleqraf vacibdir, amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Dövlət qanunlarını tətbiq etmək vacibdir, amma əlifbanı dəyişdirmək ondan daha çox vacibdir”. Bu sözlərdən aydın olur ki, mən dövlət qanunlarının tətbiq olunmasına heç də müxalif deyiləm. Ancaq əlifbanı dəyişdirməyi ondan daha vacib hesab edirəm. Ona görə ki, xalqı tərbiyə etmədən, qanunların heç bir faydası ola bilməz. Bu gün Mirzə Nəbi xanın oğlu Tehranda əlifbanı dəyişməyin lüzumuna məhəl qoymadan, qanunların tətbiqinə başlamışdır. Mən sizi xəbərdar etmək istəyirəm ki, bu iş baş tutmayacaqdır. Dördüncüsü, sizdən xahiş edirəm ki, ürəkdən sevdiyim əziz qardaşım cənab Münif əfəndinin mənim məktublarıma nəyə görə cavab verməməsinin səbəbini mənə bildirəsiniz. Beşinci, Qafqazın Şeyxülislam cənabları sizə çoxlu salam yetirir və xahiş edir ki, onun İstanbul Şeyxülislamı kimi tərəqqinin düşməni olduğunu zənn etməyəsiniz. * * * Mirzə Melkum xana 1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti Cənab Ruhül-qüds! Sizə bildirirəm ki, qüdrətli Rusiya dövlətinin başçıları Dağıstanı ələ keçirib Şamili tutduqdan sonra, yəni iki-üç il bundan qabaq bir neçə nəfər yüksək fəzilətli alimlərin səyi ilə avar, çeçen və çərkəz dilləri üçün latın əlifbasına oxşayan və soldan-sağa yazılan xüsusi bir əlifba tərtib etmişlər. İndi iki-üç ildir ki, dövlətin xərci ilə Dağıstanın dağ kəndlərinin hər birisində məktəblər və mədrəsələr açılmış və bu yeni əlifbanı rus əlifbası ilə bərabər, müsəlman balalarına öyrədirlər. Bu gün bütün dağıstanlı uşaqlar artıq savadlanmışlar. Bu yeni əlifba ilə onlar avar, çeçen və çərkəz dilində bir-birinə məktublar yazıb-oxuyur və anlayırlar. Onlar bəzi islam kitablarını da bu əlifbaya köçürürlər. Hətta Dağıstan uşaqları Quranı və Azərbaycan dilindəki yazıları da, bəzən yeni əlifba ilə yazıb oxuyurlar. Halbuki, bundan əvvəl Dağıstan camaatı içərisində bir neçə nəfər molla və əfəndidən başqa yazıb-oxumağı bacaranlar yox idi. Çox keçməz ki, əvvəllər savadsız sayılan bütün Dağıstan camaatı və dağlarda yaşayan əhali ellikcə savadlı və bilik sahibi olar. Lakin iki milyondan artıq olan Qafqaz müsəlmanları köhnə islam əlifbasının yaramazlığı nəticəsində hələ də kor və savadsız qalmışlar və islam dövlətlərinin başçıları ona nicat vermək qərarına gəlməzsə, bundan sonra da əsrlər boyu belə qalacaqlar. Cənab Ruhül-qüds! Bu məsələni sədr-əzəm cənablarının qulluğuna ərz etməyi və bu xüsusda İstanbul nazirlərini başa salmağı Sizdən xahiş edirəm. * * * Mirzə Melkum xana 1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti Ruhi-rəvanım, Ruhül-qüds! Xahiş edirəm ki, bu məktub yetişdikdən sonra vəkalətpənah sədrəzəmin, Allah onun cəlalını daimi eləsin, hüzuruna gedib, mənim dilimdən bu məsələni o cənaba ərz edəsiniz. 1280-ci il hicridə, mən islam əlifbasını dəyişdirmək məqsədilə Darülsəadət İstanbula varid oldum. Əvvəlcə vəkalətpənah sədr-əzəmin, sonra isə mərhum Fuad paşanın hüzurlarına şərəfyab olub xahiş etdim ki, mənim yeni əlifbamı İstanbul alimlərinin yığıncağında müzakirəyə qoysunlar. O zaman bu iki böyük şəxsiyyətin fərmayişinə görə, mənim əlifbamı Osmanlı Elmi Cəmiyyətinin bir neçə yığıncağında müzakirə və təsdiq edib, əlifbanın dəyişdirilməsini vacib məsələlərdən sayaraq, onun dəyişdirilməsində müqəddəs şəriətə müxalif olan bir şey tapmadılar. Nəhayət, dedilər ki, bitişən hərflər çap işində ən böyük çətinliyə səbəb olub və çap işini də oxumaq işi kimi asanlaşdırmaq üçün bitişən hərflər bitişməz hərflərlə əvəz edilməlidir. Elmi Cəmiyyət həmin qərarını xüsusi kitabça şəklində çap etdirib, Osmanlı ölkəsinin hər yerində yaydı. Bununla da, Osmanlı dövlətinin bütün bilik və fəzilət sahiblərinə, nazirlərinə və vəkillərinə Elmi Cəmiyyətin müzakirəsinin nəticələrindən aydın və aşkar oldu ki, köhnə islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir iş deyil və onu dəyişdirmək də lazımdır. Ancaq bu şərt ilə ki, bitişən hərflər bitişməz hərflərlə əvəz edilmiş olsun. Məhz buna görə də Cəmiyyəti-elmiyyənin məsləhəti əsasında, mənim qardaşım Mirzə Melkum xan böyük zəhmət sərf edərək, çoxlu xərc çəkdikdən sonra, köhnə əlifbanın bitişən hərflərini bitişməz hərflərlə əvəz etmişdir. Mən də onun işini təsdiqləyib, bitişməz hərflərin üstünlüyünü ətraflı bir surətdə yazıb vəkalətpənah cənablarına izah etmişəm. Biz bu işi məhz Osmanlı Cəmiyyəti-elmiyyəsinin məsləhəti ilə etmişik. Bəs indi İstanbul nazirləri nə dəlil ilə və hansı sənədə əsasən deyirlər ki, islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir işdir və xətt guya islam dininin bir cüzüdür?! Və nəyə əsasən deyirlər ki, bitişməz hərflər pisdir və avropalıların hərflərinə oxşayır? Əgər qədim yazını dəyişdirmək müqəddəs şəriətin əleyhinə idisə, onda Cəmiyyəti-elmiyyə öz kitabçasında haman tarixdə nə üçün aydıncasına yazdı ki, qədim yazını dəyişdirmək əslən və qətiyyən müqəddəs şəriətə zidd deyildir. Əgər bitişməz hərflər avropalıların hərflərinə oxşadığına görə şəriətin əleyhinədirsə, onda Cəmiyyəti-elmiyyə o tarixdə nə üçün bitişməz hərfləri tam aydın bir şəkildə üstün hesab edib, onu caiz bildi? Biz əlifbanı dəyişdirmək məsələsində öz tərəfimizdən heç bir iş görməmişik, yalnız Cəmiyyəti-elmiyyə nəyə icazə veribsə, onu etmişik. Belə olduqda vəkalətpənah cənabınızdan xahiş edirəm ki, bizlə İstanbul nazirləri arasında münsif olasınız və buyurasınız ki, bu iş yenidən Osmanlı alimlərinin nəzərinə çatdırılsın. Bu şərtlə ki, o alimlərin hamısı Avropa dillərindən birini bilən adamlardan olsunlar. Bundan sonra o alimlərdən ibarət olan iclasın hökmü nə olarsa, icra edilsin və Mirzə Melkum xana icazə verilsin ki, öz basmaxanasını bu yeni xətlə işə salsın, həm də köhnə əlifba ləğv edilməsin və öz əvvəlki vəziyyətində qalsın. Yeni xətt məşhurlaşıb, asanlığı və mənfəətini millət dərk etdikdən sonra köhnə xətt öz-özünə, heç kəs tələb etmədən tərk olunacaqdır. Aydındır ki, qədim islam xətti elmin və xalqın tərəqqisinə maneədir. Əgər bu xətt dəyişilməsə, islam milləti dünyanın sonuna qədər cəhalət zülmətində qalacaqdır. İstanbul nazirləri şəri məsələlərə bələd deyildirlər. Qədim xətti dəyişdirmək şəriətə əsla zidd deyildir. Abbasi xəlifələri kufi xətti nəsx xətti ilə əvəz etdilər və alimlər də buna icazə verdilər. Yazını soldan-sağa yazmaq da şəriətə zidd deyildir. Ona görə ki, biz halhazırda həndəsi rəqəmləri, yəni sayları avropalılar kimi soldan-sağa yazırıq və müqəddəs şəriət buna əsla mane olmur. Elm sahəsində xalqın tərəqqisinə xidmət edən bitişməz hərflərin sağdan sola yazılışı əlverişli olmazsa, xaçpərəstlərdə olduğu kimi soldan-sağa yazmağa da icazə vermək olar, necə ki, həndəsi rəqəmləri yazırıq. Xalqların tarixində əlifbaları dəyişdirmək nadir baş verən hallardan deyil. Bu iş heç bir zaman dövlətin zavalına səbəb ola bilməz. Rusların köhnə əlifbasının xalqın tərəqqisinə mane olduğunu gördükdə, Pyotr onu latın əlifbası ilə əvəz etdi və dövləti nəinki zavala uğramadı, hətta avam camaatın, keşişlərin və ruhanilərin bu barədə müxalifətə qalxışmasına baxmayaraq, Rusiya dövləti gündən-günə tərəqqi etdi. Cənab Ruhül-qüds! Vəkalətpənah sədr-əzəm cənablarının verdiyi cavabı mənə yazmağınızı xahiş edirəm. Qardaşınız Mirzə Fətəli * * * Mirzə Melkum xana (ayrıca məktub) 1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti Ruhi-rəvanım, Ruhül-qüds! Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olam. Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam. Mən və mənim yavərim olan siz öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil, minlərcə dəfə halımıza heyifsilənəcək, bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin üzərində heykəllər qoyacaqlar. Bir zaman Qəznə şəhərinin camaatı Sultan Əlaəddin Hüseyn Cahansuzi-Quri qarşısında müxalifət bayrağı qaldırmışdılar. Sultan bu beyti yazıb onlara göndərmişdi. “Əgər mən Qəznəni gözündən dağıtmasam, Həsən oğlu Hüseynin oğlu Hüseyn deyiləm”. Bu islam dini əlifbanın həyata keçirilməsi yolunda sədd olduğu üçün: “Əgər mən bu dini kökündən məhv etməsəm Həsən oğlu Tağının oğlu Əli deyiləm”. “Kəmalüddövlə məktubları”nın bir çox nüsxələri dünyanın hər tərəfində mənim dostlarımın və həmfikirlərimin əlində mövcuddur. O qədər çəkməz ki, dostlarım bu kitabı bir yerdə çap etdirib, Asiya və Afrikanın hər tərəfində yayarlar. O zaman görək, İstanbul nazirləri öz dinlərini necə saxlayacaqlar! O vaxt onların dini əldən gedəcək, məcburən bizim əlifbanı qəbul etməyə razı olacaqlar və xalqların səadət və xoşbəxtlik günləri başlanacaqdır. O zaman onlar, hazırda bizə rəva gördükləri rəftarlarından peşman olaraq bizdən üzr istəyəcəklər. Çünki onların mənasız əqidələrinin əsasının sarsılması özlərinin cəhalət qaranlığından xilas olmasına və yüksək dərəcələrə tərəqqi etmələrinə bais olacaqdır. Cənab Ruhül-qüds! Özümün və Qafqaz Şeyxülislamı cənablarının dilindən sizə yazıram ki, İstanbul nazirlərinin hərəkətindən pərişan və bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun! Nazirlərin müxalifəti mənasız və yersizdir. Onlarla çox mülayimliklə mübahisəyə girişin və münasib gördüyünüz mövqedə onların hər birisinə əlifbanın dəyişdirilməsinin lüzumu haqqında yazdığınız “Vəzir və Şeyxin sual-cavabı” kitabçanızı da oxuyun və elə ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları da bu kitabçanı ya oxusun və ya dinləsin ki, bəlkə onun qəlbində sönmüş hümmət atəşi sizin qələminizin təsiri ilə alovlansın. Əgər siz bu kitabçanı yazmasaydınız, mən qüssədən ölərdim. Çünki o zaman heç kəs mənim fikrimin haqq olduğunu başa düşməzdi. Ancaq indi təsəlli tapmışam. Kitabçadan 3-4 nüsxə Tiflisdə varımızdır. Bir neçə nüsxə də Tehrana göndərmişik. Əlimə keçən hər bir şəxsin bu kitabçanı oxumadan yaxasından əl çəkmirəm. Hətta Həsənəli xan Tiflisə çatan gecə yorğun olmasına baxmayaraq, məcbur etdim ki, kitabçanı oxuyum, qulaq assın. Cənab Şeyxülislam da bu kitabçanı ağıl və dərrakə sahibi olan adamlara oxumaqda böyük hümmət sərf edir. Amma nə etməliyik ki, ağıl və dərrakə sahiblərinin sayı çox azdır. Cənab Ruhül-qüds! Nə qədər ki, mən sağam, əlifba fikrindən və onu həyata keçirmək arzusundan ayrıla bilməyəcəyəm. Siz bu yolda çox zəhmət çəkib, böyük pullar xərclədiyiniz kimi, mən də on ildən artıqdır ki, bu yolda ağır zəhmətlərə və böyük xərclərə qatlaşmışam. İşin başlanğıcında, sevindiyimdən hər bir tələbəyə bir əşrəfi, dəftərimdə qeyd etdiyimə görə, ənam adı ilə cəmi həştad əşrəfi bağışlamışam ki, yeni əlifbanı öyrənsinlər. Bir bu qədər pul da xoşxət mirzələrə vermişəm ki, yeni əlifbanın bir çox surətlərini çıxarsınlar. İstanbula gedib-gəlmək üçün beş yüz manat xərcim çıxmışdır. Hətta bu gün belə, bu məsələ ilə əlaqədar olan yazılara, poçt və katiblərə əlmuzduna gedən xərclərdən bir gün də olsun, asudə və rahat deyiləm. Bundan sonra da bu yolda nə qədər zəhmət və məxaric lazım gələrsə, səmim-qəlbdən qəbul edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işıqlığa çıxarım və bunun mənəvi ləzzətini dadım. Mənim həmvətənlərim xeyri şərdən ayırmaq qabiliyyətinə malik deyildirlərsə də, tərəqqi və yüksək ad nəşəsindən məhrumdurlarsa da, sizdən çox-çox xahiş edirəm ki, Həsənəli xan vasitəsilə yazdığım kimi, islam əlifbasını dəyişdirmək haqqında fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində və ya başqa bir qəzetdə çap etdirəsiniz. Siz o məqalədə mənim adımı və bu məsələdən ötrü İstanbula gəlməyimi və öz adınızı, habelə, bütün müttəfiqlərimizin və tərəfdarlarımızın adını, bu məsələdə bizim fikrimizi təsdiq edən və yardım göstərən vəkalətpənah sədr-əzəm cənablarının adını açıq və aydın yazmalısınız. Məsələnin hazırda nə vəziyyətdə olduğunu qeyd edin! Məqalə çapdan çıxandan sonra həmin qəzetdən bir neçə nüsxəsini mənə göndərin. Burada rus dilinə tərcümə edib, “Kafkaz” qəzetində və Peterburq qəzetlərində çap etdirəcəyəm. Lakin bu məsələdə politika-molitika sözünü kənara qoymalısınız. Ancaq fransızca ünsürlərin əlifbanı dəyişdirmək işinə əngəl törətdiklərini və bunun üçün gətirdikləri dəlilləri də qeyd etməlisiniz. Bundan sonra məktublarınızı bilavasitə mənim adıma yazaraq, poçta veriniz ki, itməsin! Əgər istəyirsinizsə, məktubları “straxovi”, yəni fransızca “asure” (sifarişi) göndəriniz. Mən də öz məktublarımı sizin adınıza “asure” göndərəcəyəm. Bir də, cənab Ruhül-qüds! Açıq və aydın yazaraq mənə bildirin görüm, tam səmimiyyətim olan əziz qardaşım Münif əfəndi nəyə görə və nədən qorxaraq mənə cavab yazmır? Görək, vəkalətpənah sədrəzəm cənabları mənim ərizəm haqqında nə sərəncam vermiş və nə buyurmuşdur. Münif əfəndi mənim şəkillərimi kimlərə vermişdir? Bir də bu məsələni öz tərəfinizdən mənə yazın görüm, əlifbanı dəyişdirmək məsələsi əlahəzrət Sultanın qulağına çatmışdırmı, ya yox? Habelə yenə də əlifbanı dəyişdirmək məsələsi Misir xədivi İsmayıl paşanın qulağına çatdırılmış, ya yox? İstanbul nazirləri əlifbanın haqq iş olduğunu inkar etdiklərinə görə, bu barədə İsmayıl paşaya da yazmaq istəyirəm. Hər halda, bütün bunlar sizin məsləhətinizdən asılıdır. Bunların özü də bir şeydir. Əgər İsmayıl paşa təklifimizi qəbul etsə də, mən İstanbul nazirlərinin yaxasından, onları təslim olmağa vadar edib, öz muradıma çatmayınca, əl çəkməyəcəyəm. Cənab Şeyxülislam İstanbul nazirlərindən çox-çox narazıdır. Bu gündən etibarən o, sünnilərin öz kitablarında köhnə islam əlifbasını dəyişmələrinin şəriətə müxalif olmadığına dair bir fitva axtarmağa başlamışdır. Bu dəlil hazır olan kimi sizə göndərəcəyəm. Qardaşınız Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Bu günlərdə cənab Ruhül-qüdsdən kədərləndirici bir məktub aldım. Ruhül-qüds yazır ki, islam yazısı və köhnə əlifbasını dəyişdirib, yeni əlifba qəbul etməyə dair təşkil edilmiş sonuncu iclasda İstanbul nazirləri ayağa qalxaraq bir ağızdan bağırmışlar ki: – “Eyvay, Melkum bizim dilimizi məhv etmək, bizim dinimizi korlamaq, bizim dövlətimizi yıxmaq istəyir. O, bizə elə bir əlifba göstərir ki, fransız əlifbasına oxşayır. O bilirmi ki, bizim əlifbamız dinimizin bir cüzüdür? Biz dinimizi əldən vermək istəmirik! Vaveyla, vamüsibəta! Bu nə təklifdir ki, bizə edir?.. Vəssalam”. Əzəmətli ağam! Ruhül-qüds yazır ki, bir neçə illik zəhmətim və çoxlu xərcim tamamilə hədərə getdi. Yeni əlifbanı, o qədər mükəmməl və nöqsansız düzəltmişdim ki, görsəydiniz mütləq yüz min dəfə afərin söylərdiniz. Hətta xüsusi mətbəə alətləri və ləvazimatını da hazırlamışdım. Mən bu axmaqlara heç də təklif etmirdim ki, köhnə əlifbadan tamamilə əl çəkin və mənim əlifbamı qəbul edin. Mən onlardan təkcə bunu xahiş edirdim ki, hazırda ermənilər, yunanlar, fransızlar Osmanlı türkcəsində onlarca qəzet hazırlayıb, öz əlifbaları ilə çap etdikləri kimi, mən də özümün ixtira etdiyim yeni əlifba ilə Osmanlı dilində bir qəzet çap edib yaymaq icazəsinə malik olum. Xülasə, nazir həzrətləri mənimlə belə rəftar etdilər və əlifbanı dəyişmək məsələsində məni tamamilə naümid etdilər. Xudavəndi-aləm bizimlə onların arasında həkəm olsun! Biz bu axmaqların tərəqqi və səadətini istəyirik. Onlar isə bizim kafir olmağımıza hökm verir və bizə lənət yağdırırlar. Amma bir vaxt gələcək ki, qəbrimizin üzərinə ziyarətə gələcəklər. Əzəmətli ağam! Sizdən xahiş edirəm ki, əgər münasib bilsəniz, bu mətləbi maarif naziri Etizadüssəltənə cənablarına söyləyin, ləzzət aparsın və bilsin ki, milləti korluqda, cəhalətdə, vəhşilikdə saxlamaq işində o, tək deyildir. Özlərini dünyanın ağıllıları və filosofları adlandıran İstanbul nazirləri də bu işdə və əqidədə onunla şərikdirlər. Əzəmətli ağam! İstanbul nazirlərinin bu cür rəftarı məni təzədən zəhmətə saldı. Qələm əlimdən düşmür. İstanbula göndərmək üçün elə şeylər yazıram ki, sərt qayaya toxunsa, əzib-tökər. Əlifba fikrindən ayrılmaq mənim üçün təsəvvürə gələn şey deyildir və nə qədər ki sağam, İstanbul nazirlərinə qarşı qələmlə vuruşacağam. Görürsünüzmü, sünnilərin dini əlifbanın həyata keçirilməsi yolunda maneə törədir?! Elə isə bundan sonra heç kəs deməsin ki, din elm və mədəniyyətə maneə törətmir! Lakin bununla belə mən sizi əmin edirəm ki, əlifba məsələsi nəhayət baş tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da, birisi gün baş tutacaqdır! Böyük Pyotr gördü ki, rusların qədim əlifbası xalqın tərəqqisinə və elmlərin yayılmasına mane olur, onu ləğv edərək, latın hərfləri əsasında yeni bir əlifba icad etdi. Amma avam camaat, keşişlər və ölkənin əyanı ona qarşı müxalifətə qalxdılar və dedilər: “Dinimiz əldən gedəcək, dövlətimiz zavala uğrayacaqdır”. Lakin Böyük Pyotr axmaqların sözünə heç də etina etməyib, öz işi üzərində yenilməz iradə ilə mərd-mərdanə dayandı. Nəticədə nəinki din xalqın əlindən getmədi və dövlət zavala uğramadı; əksinə, ölkə həmin yeni əlifbanın sayəsində gündən-günə tərəqqiyə üz qoydu. Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir. Əzəmətli ağam! Bu hekayədən məlum oldu ki, Həsənəli xan öz nəsəbini ərəblərə yapışdırır. O özünü Səsəə ibn-Qəqanın nəslindən əmələ gələn bir ərəb sayır. Təəssüf ki, biz indiyə qədər onu kürd oğlu kürd bilmişik. İndi aydın oldu ki, məlum nüsxə nə üçün onun xoşuna gəlməmişdir və nə səbəbə onu Parisdə qoyub gəlmişdir? Bilmirəm, sizin, yəni Ədliyyə Nazirliyinin gördüyü tədbirlər onun xoşuna gəlir, ya yox?! Əlbəttə, bu mətləbi sizə yazmağımdan başqa bir nəticə çıxarmayın! Çünki bizim, yəni mənimlə Həsənəli xanın arasında tam bir yaxınlıq vardır. Əzəmətli ağam! Sizin məktubunuz və azadə şahzadə Cəlaləddin Mirzənin tarix kitabı yetişdi. Sizin məktubunuz çox müxtəsər idi. Bilirəm ki, sizin özünüzün işiniz çoxdur. Məgər sizin idarənizdə başı ayıq olan mirzələr yoxdur? Varsa, onlara tapşırın ki, sizin öz vəziyyətinizdən və Tehranda baş verən hadisələrdən ətraflı surətdə bir məktub yazıb bizim üçün göndərsinlər. Mən və cənab Şeyxülislam həmişə sizin vəziyyətinizdən xəbər tutmaq və sizin iqdam etdiyiniz işlərin irəli getməsinin arzusundayıq. Mehriban qardaşım Mirzə Cəfərə salam göndərirəm. Xüsusi bir mətləb olmadığına görə bu dəfə ona ayrıca məktub yazmadım. Mən özümün onunla bir növ elli, yəni ünkütlü olduğumu bildikdə, həddindən artıq xoşhal oldum. Çünki hər ikimiz Dərövüt çayının suyundan içmişik. Ədliyyə Nazirliyi haqqında Tiflisdə bir sıra xoşagəlməyən xəbərlər yayılır. Bu xüsusda doğru xəbəri özünüz yazın ki, vəziyyət bizə məlum olsun! Cənab Şeyxülislam sizə çoxlu salam göndərib, əhvalınızı soruşur. Sizə ixlası olan Mirzə Fətəli * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti Əzəmətli ağam! O biri məktubda Ünküt kəlməsini yazarkən, başqa bir mətləb yadıma düşdü. Ünküt elində yaşadığımız zamanlar, biz hər il yayda Əlipəncəsi adlanan yaylağa gedərdik. Əmim Axund Molla Ələsgərin arvadının Şahsevən tayfasında qohumları var idi. Onların yaylağı Savalan dağının ətəyində idi. Bir il qohumlarımızı görməyə getmək istədik. Köç-külfətli Əlipəncəsi yaylağında düşərək, Meşkin yolu ilə Savalan dağının ətəklərinə doğru yollandıq. Yolda müxtəlif isti sular gördük ki, vəsfə gəlməz. O cümlədən bir hovuz var idi ki, onu “Qotur suyu” adlandırırdılar. Oradan çıxan su təxminən bir dəyirmanı işlədə bilərdi. Siz bu gün İranda çox nadir görünmüş işlərə əl qatdığınıza görə, nə olardı ki, dövləti-əliyyeyi-İrana bir layihə təqdim edəydiniz ki, 2-3 nəfər avropalı həkimi Savalan dağı ətəyində olan bu isti su mənbələrini yoxlamağa və onların əhəmiyyətini təyin etməyə göndərəydi, sonra isə o, isti və kükürdlü suların yanında binalar tikiləydi və xəstələr müalicə olunaydı! Xəstələrin oraya getməsi üçün yollar təmir olunarsa, demək olar ki, hər il bu isti sulardan ağlagəlməyən miqdarda mədaxil əldə edilə bilər. Hətta avropalı səyyahlar və xəstələr də müalicə və tamaşa üçün Savalana gələrlər. Az bir zamanda o isti suların sayəsində o tərəflər vəsfəgəlməz dərəcədə abadlaşar və gözəlləşər. Ehtimal etmək olar ki, xüsusi bir şirkət tapılıb, bu suları icarəyə götürər. Eyvay, mənim əzəmətli ağam! Bu yerdə yenə də Ruhül-qüdsün bir sözü yadıma düşdü: “Məclisin sədri: – Xarici dövlətlər istəyirlər ki, İran torpaqlarına təcavüz əlini uzatsınlar, nə etmək lazımdır? Məclisin üzvləri: – Azərbaycan yollarını qayırmamaq lazımdır!” Qorxuram ki, mənim məsləhətimi eşidən məclis üzvləri də desinlər ki: “Necə ola bilər ki, biz Savalan yollarını düzəldib, düşmənlərimiz üçün öz əlimizlə yol açaq? Bu nə xəyaldır?”. Vallah-billah, tallah, siz nəzərdə tutduğunuz xarici dövlətlərin min səbəbə görə hələlik İran torpağında tamahı yoxdur. Əgər tamahı olsa, istər siz yol düzəldəsiniz, istərsə də düzəltməyəsiniz, bu torpaqları tutacaqlar. Nə üçün boş təsəvvürlərlə öz isti sularınızı və mədənlərinizi bəhrəsiz qoyaraq işə salmırsınız? Mirzə Fətəli * * * Mirzə Melkum xana 1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti Ruhi rəvanım, Ruhül-qüds! İyun ayının 2-də göndərdiyim məktubda yazmışdım ki, qüdrətli Rusiya dövlətinin başçıları avar və çeçen dilləri üçün əlifba düzəltmişlər və Dağıstan vilayətinin hər tərəfində dövlət xərci ilə məktəblər və mədrəsələr açıb, dağlı müsəlman balalarına onların öz ana dillərini oxutdururlar. Dağıstan əhlinin uşaqları yaxın gələcəkdə elm və savad sahibi olacaqlar. Qafqazın geniş ərazisində yaşayan bizlər isə, ərəblərin yaramaz əlifbası sayəsində dünyanın sonuna qədər kor kimi cəhalətdə qalacağıq. İndi həmin çeçen əlifbasından bir nüsxə Tiflisdən tapıb sizə göndərirəm. Eyni zamanda Dağıstana yazmışam ki, avar əlifbasından da bir nüsxə göndərsinlər. Alan kimi onu da sizə göndərəcəyəm. İndi sizdən xahiş edirəm, vəkalətpənah sədr-əzəm cənablarına deyəsiniz ki, Dağıstan camaatı və çeçenlər 1280 ildir ki, islam dinini qəbul etmişlər və ərəb əlifbasının yarıtmazlığı nəticəsində bu günə qədər savadsız, mədəniyyətsiz qalmışlar. Böyük Rusiya dövləti isə yalnız bir neçə gündür ki, bu torpaqları ələ keçirmiş və əsla gecikmədən, fürsəti fövtə vermədən Dağıstanda yaşayan tayfaların təlim və tərbiyəsinə başlamışdır. Dövlətlərin öz təbəələri qarşısında borcu da bundan ibarətdir. Yəni onlar gərək öz təbəələrinin hər bir fərdinin tərbiyəsilə məşğul olsunlar və onları qaranlıqdan işığa çıxartsınlar. Bunun müqabilində siz necə razı ola bilərsiniz ki, 300 milyonluq islam xalqları bizim köhnə əlifbamızın yaramazlığı nəticəsində əbədi olaraq kor olub cəhalətdə qalsınlar? 1280 ildir ki, cəhalətdə qalmışıq, kifayətdir! İndi ki dərdimizin əlacını tapmışıq, nə üçün gələcəkdə də elm və mərifət qapılarını üzümüzə bağlamaq istəyirsiniz? Nə üçün köhnə islam yazı qaydalarını və əlifbasını dəyişdirməyə mane olursunuz? Böyük Rusiya dövlətinin hümməti və səyi sayəsində, 50 ildən sonra Dağıstanın bütün əhalisi savad və bilik sahibi olacaqdır. Onların yeniyetmə gəncləri ərəbcə olan dini, fiqh və tarix kitablarının əksəriyyətini həmin bu yeni əlifbaya keçirəcəklər. Öz dinlərini əvvəlkindən daha yaxşı mühafizə edəcəklər. Fiqh məsələlərini keçmişdəkindən daha yaxşı biləcəklər. Biz yazıqlar isə, əlifbamız dəyişməzsə, yenə də əski cəhalətdə qalmağa məhkumuq. Bəzi hekayələr ərəbcədən çeçen dilinə tərcümə edilib, həmin əlifba ilə yazılmışdır. Ərəbcə kitabların əksəriyyətini də sözsüzşübhəsiz bir az sonra çeçenlər həmin yeni əlifbada yazıb-oxuyacaq və bu iş onların dininə zərrə qədər də xələl yetirməyəcəkdir. Cənab Ruhül-qüds! Xahiş edirəm bu məsələni də İstanbulun qanmaz nazirlərinə başa salın və onlara belə bir sual verin: Sual – Nazir həzrətləri! Xalis müsəlman, şafei-məzhəb və qiblə əhli olan çeçen tayfası bu gün öz dilində yazıları köhnə xətt və hərflərlə deyil, avropalıların yazısına oxşayan, həm də soldan-sağa yazılan, bax, sizə göstərdiyim bu əlifba ilə yazır, oxuyur və elmləri öyrənir. Ey nazirlər! Deyin görək, sizin fikrinizcə bu çeçen tayfası kafirdirmi, ya yox? Onlar islam dinindən çıxıb, mürtəd, kafir və məlun olmuşlar, ya yox? Əgər desələr ki, bəli, kafərdirlər və lənətə layiqdirlər, onda bu sözləri onlara oxuyun: “La ilahə illəllah və Mühəmmədən Rəsulüllah – deyib, üzü qibləyə namaz qılanın peyğəmbər əleyhissəlamın dediyinə əsasən, təkfir edilməsinə icazə verilmir”. Peyğəmbər əleyhissəlamın sözləridir ki: “Qiblə əhlindən bir fərdin belə haqqında lənət oxumaq, yəni onu təkfir etmək olmaz”. Əgər desələr ki, xeyr, kafər və məlun deyildirlər, onda onlardan soruş ki, elə isə, ey nazirlər, siz hansı dəlilə və hansı əsasa görə yazımızda bitişməz hərflərin işlədilməsini fransız yazısına oxşatmağı və köhnə islam yazısını və ərəb hərflərini ləğv etməyi küfr əlaməti hesab edirsiniz? Siz hansı sənəd əsasında ərəb əlifbasını dinin bir hissəsi sayırsınız? Halbuki, bizim tətbiq etmək istədiyimiz yeni hərflərin hamısı, cüzi bir dəyişiklik ilə şəkilcə həmin sabiq hərflərimizin özlərindən ibarətdir. Məsələn: hərfi, yeni əlifbada yenə də hərfi olaraq qalır. hərfi sabiq hərfi, hərfi də yenə hərfimizdir ki, onların görünüşündə cüzi dəyişiklik olmuşdur. Bütün əlifbamızda olan hərflərin hamısı da bunlar kimi. Əcnəbi xalqların hərflərindən heç bir hərf və heç bir əlamət alınmamışdır. Heç bir vəchlə demək olmaz ki, bu yeni hərflər avropalıların hərfləridir. Əgər bir nəfər bizə qarşı belə bir töhmət vurarsa, açıq-aydın iftira və böhtana əl atmış olar. Ruhül-qüds! Xahiş edirəm ki, bu mübahisənin nəticəsini yazıb, mənə bildirəsiniz. Əgər nazir həzrətləri zorakılığa və hədə-qorxuya əl atarlarsa, o, tamamilə başqa işdir. Hər halda siz əlifba məsələsinə dair fransız dilində bir məqalə yazıb çap etdirin və qəzetdən bir neçə nüsxəsini mənə göndərin! Mən də, cənab Şeyxülislam da xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni samit və sait hərflərinizin şəkillərini çap nüsxəsi olarsa, çap olunmuş halda olmazsa, qələmlə yazılmış halda çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirək. Mənim bütün məktublarımı əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın ki, biz öldükdən sonra gələcək nəsillər üçün tarixi və əntiqə sənədlər olacaqdır. Qardaşınız Mirzə Fətəli * * * Cəlaləddin Mirzəyə Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərilmiş məktubun surəti Həzrət-əşrəf, alinəsəb, azadə şahzadə Cəlaləddin Mirzə, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm. Mübarək məktubunuz yetişdi. Son dərəcədə sevinc və başıucalığıma səbəb oldu. Şahzadə naxoşluqdan sağaldığı üçün hədsiz dərəcədə şad oldum. Xəbər vermişsiniz ki, Allahın evini ziyarət etmək qərarına gəlmişsiniz. Xahiş edirəm ki, həm gedəndə, həm də gələndə Tiflis yolu ilə keçib, bəndənizin evində mənzil edəsiniz ki, qonaqpərvərlik vəzifəmizi yerinə yetirək və bir neçə gün burada qalmağınız fürsətindən istifadə edərək, həzrət-əşrəfinizin mübarək görüşü və söhbətindən şad və xoşhal olaq. Şahzadənin dövlətindən, yaraşıqlı və səliqəli çoxlu otaqlarım vardır ki, həzrət-əşrəfinizin mənzil etməsinə layiq ola bilər. Kərim Allah bir parça çörək əta etmişdir ki, sizin kimi əziz və şəniyüksək qonaqların qarşısında xəcalət çəkib başıaşağı olmayaq. Xahiş edirəm ki, yola düşəcəyiniz vaxtı əvvəlcədən yazıb mənə bildirəsiniz. Həzrət-əşrəfinizin məktubunu “Nameyi-xosrovan”ın iki cildi ilə birlikdə Şeyxülislam cənablarına çatdırdım. Mən hazırda yaylaqdayam. Şeyxülislam şəhərdə qalxmışdır. Görüşümüzdən sonra cavabını həzrətəşrəfə yazaram. Əlifba hələlik çap olunmamışdır. Bir çox məsələlər və maneələr meydana çıxmışdır. Əhvalatın nə yerdə olduğunu əzəmətli ağam Mirzə Yusif xan cənablarına yazmışam. O, əlbəttə, həzrət-əşrəfə nəql edəcəkdir. Yazıq Ruhül-qüds mənə yanıqlı bir məktub yazmışdır. Müasirlərinin tərsliyindən, yolagəlməzliyindən dad çəkib, fəryad edir. Görək, işin sonu nə olacaqdır. “Sarısifət kişicik” həmin adamdır ki, tapmışsınız. “Nameyi-xosrovaı”ın ikinci cildin aldıqdan sonra, bir gün İranın dövlət xadimlərindən biri Tiflis yolu ilə hara isə gedirdi. Əvvəldən tanış olduğumuza görə görüşünə getdim və söhbətarası həmin mənzuməni oxudum. Elə ki: “Birdən sarısifət bir kişicik mənim murad piyaləmə zəhər qatdı...” beytinə çatdım, müsahibim “Sarısifət kişiciyin” kim olduğu barədə mənim izahatıma macal vermədən dedi: “Birdən sarıtük kişicik o olar ki, indi İrana yollanmışdır. O natəmiz oğlunun şərindən Allah öz bəndələrini saxlasın!”. Mən onun ağıl və fərasətinə əhsən dedim. Tiflis yaxınlığındakı Qocur yaylağında həzrət-əşrəfə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 29 iyul 1871-ci il Əziz dostum Manukci Sahibin məktubunu açıq qoyuram ki, cənabınız da oxuyasınız. * * * Manukciyə Zərdüştilərin Tehranda yaşayan rəhbəri əziz dostum Manukci Sahibə yazılmış 29 iyul 1871-ci il tarixli məktubun surəti Mənim əziz və mehriban dostum Manukci Sahib! Allah ömrünüzü artırsın! Sizin könülaçan məktubunuz çatdı, hədsiz sevinc və şadlığıma səbəb oldu. Hər şeydən əvvəl, həzrət-əşrəf şahzadeyi-azadə Cəlaləddin Mirzədən son dərəcədə razı və məmnunam ki, məni sizinlə tanış etmişdir. Bundan başqa, sizinlə dost olmaqdan ona görə fövqəladə şadam ki, siz bizim babalarımızın yadigarısınız. Əsrlərdən bəridir ki, vətənimizin düşmənləri vasitəsilə biz sizdən o dərəcədə uzaqlaşmışıq ki, indi siz bizi başqa bir xalq və başqa bir məzhəbdə olan adamlar hesab edirsiniz. Mən bu ziddiyyətin aradan qalxmasını arzu edirəm. Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviyyət axtarmaq, qeyrət və namus sahibi olmaq bizdən öz həmnəsillərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübünü çəkməyi tələb edir. Biz yadların, yolkəsənlərin, qaniçənlərin təəssübünü çəkməməliyik! Biz əcnəbilərin cəhənnəmə oxşar torpağının deyil, behiştə bərabər olan vətənimizin şərəfini ehya etməliyik. Babalarımız ədalət sahibi və mələktəbiətli adamlar olmuşlar. Onların övladı olan bizlər də bu gözəl sifətlərdə onların ardınca getməliyik. Zalımların, əhrimənlərin göstərdiyi yolla getməməliyik. Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmməd Təqi və mən özüm Azərbaycanda doğulub böyümüşük. Lakin mən sizin bir əqidənizlə razılaşa bilmirəm. Siz belə bir əqidədəsiniz ki, şərarət və pis əməl sahibləri heç bir zaman ağıllı və xeyir iş görən adamlar ola bilməzlər; Əhriməndən mələk çıxmaz. Sizə xatırlatmalıyam ki, bu şərarət və pis əməl sahibləri min iki yüz neçə il bundan qabaq ağıllı və xeyirxah adamlar idilər ki, sonradan şərir və bədəməl adamlar olmuşlar. Yəni onlar mələk idilər. Əhrimən olmuşlar. Madam ki, mələk Əhrimən ola bilər, Əhrimən də mələk ola bilər. Biz hər şeyin səbəbini nəzərdə tutmalıyıq. Nə səbəbə görə, mələk Əhrimən olmuşdur? Əgər bu səbəb aradan qaldırılarsa, Əhrimən təzədən dönüb mələk olacaqdır! Kəmalüddövlənin öz əsərini yazmaqda əsas məqsədi həmin bu səbəbi aradan qaldırmaqdır. Siz deyirsiniz: Ərdəşiri-Babəkan və fərhəng sahibi Keyxosrov lazımdır ki, Əhrimən mələk olsun. Mən isə deyirəm ki, xeyr, məlum səbəbi aradan qaldırmaq lazımdır ki, Ərdəşiri-Babəkan, fərhəng sahibi Keyxosrov meydana gəlsin və Əhriməni mələkə döndərsinlər. Nə qədər ki, o səbəb yerindədir, dünya durduqca nə Ərdəşir, nə fərhəng sahibi Keyxosrov meydana gələ biləcəkdir. Bu cür şahların, habelə Firidunun və Ənuşirəvanın meydana gəlməsi “Peymani-fərhəng”in sayəsində idi. İran torpağı öz xasiyyətini dəyişdirməmişdir. İran əvvəldə olduğu kimi, yenə də behişt kimi bir ölkədir. Lakin bizə məlum olan səbəb onun əhalisinin təbiətini xarab etmiş, xarab edir və nə qədər ki, o, aradan qaldırılmamış, yenə də xarab edəcəkdir. Birinci dəfə siz “Səyahətnamə” kitabınızı göndərərkən, mən sizdən məktub almamışdım. İndi məlum olur ki, məktub yazmışsınız, lakin kitabçanı göndərdiyiniz vaxt yaddan çıxıb Tehranda qalmışdır. İndi isə surətini oxuyub çox-çox şad oldum. Sizin mənə olan məhəbbət və mehribanlığınızdan çox razıyam. Sizdən bir xahişim var: yazıb mənə bildirin görüm, “Kəmalüddövlə məktubları”nı harada, hansı şəhərdə çap etdirmək mümkündür? Bombeydə və ya İranın özündə bu işi görmək mümkündürmü? Hər halda, əgər belə bir iş mümkün olarsa, o zaman xahiş edirəm ki, naqis olan başqa nüsxələri deyil, mənim özümdə olan mükəmməl nüsxəni çap etdirməyə çalışasınız. Mən “Kəmalüddövlə məktubları”nın mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Amma elə bir etibarlı adam tapa bilmirəm. Yazırsınız ki, bəzi səbəblərə görə, Kəmalüddövlə adını İqbalüddövlə yazmışsınız. Mən etiraz etmirəm. Lakin bu qədər demək istəyirəm ki, adı dəyişdirməkdən sizin məqsədiniz nədir? Hər halda, kitabda olan məsələlər, sözlər, üslub heç bir vəchlə dəyişdirilməməlidir. Sizin mənə məktub göndərmək yolunuz həmin vasitədir ki, şahzadə öz məktublarını göndərir. Siz də məktublarınızı həmin vasitə ilə göndəriniz! Mən isə məktublarımı həzrət-əşrəf şahzadə vasitəsilə göndərəcəyəm ki, şəxsən öz əlinizə çatsın. Zərdüştilərin vəziyyəti haqqında ətraflı yazmağınızı vəd etmişdiniz. Bu vədinizi yerinə yetirəcəyinizə əminəm. “Əncümən-araye-huşəng” kitabını da göndəriniz. Mən hazırda yaylaqdayam. Cənab Şeyxülislam şəhərdə qalmışdır. Onunla görüşəndə salamınızı yetirib, cavabını sizə yazacağam. Tiflis yaxınlığında, Qocur yaylağında, dostunuz Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 29 iyul 1871-ci il * * * Cəlaləddin Mirzəyə 1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm: Birinci, 29 iyul tarixində keçən mübarək məktubunuzun cavabını əziz dostum Manukci Sahibin məktubunun cavabı ilə birlikdə sizə göndərmişəm. Məktubların gec çatmasının səbəbini bilmirəm. İkinci, əziz vücudlardan olan Mirzə Tağı Təbibin vasitəsilə mənim başımı yüksəltmək üçün göndərdiyiniz məktubu oxuyaraq, nəvvabimüstətabın səlamətliyi və göz ağrısının keçməsi münasibətilə qat-qat sevincim artdı. Mirzə Tağının söylədiyinə görə, sizə Məkkəyə getmək icazəsi verilmişdir. Bu xəbəri eşidərkən sizi görmək arzularımın atəşi qəlbimdə alovlandı. Hazırda sizə ətraflı məktub yazmaq üçün bir dəqiqə də vaxtım və macalım yoxdur. Qismət olarsa, bir az sonra ölkənin vəziyyəti və öz fikirlərimizin və işlərimizin gedişi haqqında, habelə Ruhül-qüdsün nə vəziyyətdə olması və İstanbulda onun əlifbasına qarşı çıxanların necə böyük həngamə törətməsinə dair müfəssəl məktub yazıb göndərəcəyəm. Bu kiçik məktubumda ancaq şahzadə həzrətlərinə Mirzə Tağını mənə nişan verdiyi üçün öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən onu öz fikrimə və təbiətimə çox uyğun bir adam kimi tanıdım. Özümə həmfikir hesab edib, düşündüklərimi ona söylədim və son dərəcə şadam ki, nəhayət, bu xaraba qalmış şəhərdə elə bir adama rast gəldim ki, bir neçə saatlığa da olsun, onunla sərbəst söhbət edə bildim. Mirzə Tağı hüzurunuza gələrkən təfsilatı sizə söyləyəcəkdir. Onun vasitəsilə və onun xətti ilə yazılmış bəzi əlavələri xidmətinizə göndərirəm və xahiş edirəm ki, onları qoyduğum işarələrə əsasən, məlum nüsxənin lazımi yerlərinə əlavə edəsiniz ki, sizdəki nüsxə təkmilləşmiş olsun. Bu əlavələr olmadan, sizdəki nüsxə naqis hesab olunur. Əziz dostum Manukci Sahibə mənim salamımı yetirməyinizi xahiş edirəm. Ona deyiniz ki, yenə də öz “Səyahətnamə”sini mənə göndərmişdir. O bu kitabı keçmişdə də mənə göndərmişdi. İndi xahiş edirəm ki, “Əncümən araye-huşəng” kitabını mərhum atamız lələbaşı Rzaqulu xan Hidayətin yazdığı qədim fars lüğəti ilə bərabər, mənə göndərsin. Bu kitabları göndərməyi o, özü mənə vəd etmişdir. Bundan başqa ona deyiniz ki, Mirzə Tağının gətirdiyi əlavələri o da öz əlində olan nüsxəyə əlavə etsin! Eyni zamanda, bu əsəri çap etdirmək haqqında öz fikrini və mənim keçən məktubumun cavabını tezliklə yazsın! Əgər məktubum ona çatmamışdırsa, mənə bildirsin ki, surətilə yazım göndərim. Hər halda cavab gözləyirəm. Manukci Sahib bu dəfə də öz “Səyahətnamə”sini məktubsuz göndərmişdir. * * * Mirzə Melkum xana Ruhi-rəvanım, Ruhül-qüds! Avropa təqvimi ilə sentyabrın 16-da göndərdiyiniz məktub yetişdi. Yeni yazı üsulu ilə yazılmış vərəqə çeçen əlifbası idi. Həmin əlifbanı xüsusi məktubla Rusiya səfarətxanasının dəftərxanası vasitəsilə sizə göndərmişdim. Bundan başqa, poçt vasitəsilə sizə başqa bir məktub da göndərmişəm. Səfarətxananın dəftərxanasından və poçtdan hər iki məktubu almışsınız, ya yox? Bu xüsusda mənə bir qədər aydın və aşkar yazınız! Poçt vasitəsilə göndərdiyim zərf sizin Avropa təqvimi ilə mayın 28-də yazdığınız məktubun cavabıdır. Yazırsınız ki, son günlərdə nazirlər heyəti sizi tamamilə məyus etmişdir və guya bir ağızdan bağırmışlar ki: “Eyvay, Melkum bizim dilimizi zay etmək, dinimizi korlamaq, dövlətimizi məhv etmək istəyir və ilaxır”. Mənim bu məktuba göndərdiyim cavabı poçtdan almışsınız, ya yox? İndi mətləb üstünə gələk. Yazırsınız ki, Ali paşa ölmüşdür və yeni sədr-əzəm isə bizim fikirlərimizdən çox uzaqdır və bizim məqsədlərimizi dərk edə bilən az adam vardır. Habelə İstanbulun mötəbər nazirlərindən ikisi bizim böyük düşmənlərimiz olublar, çığır-bağır salıblar ki, köhnə islam əlifbasını dəyişdirmək islam dövlətinin məhvinə səbəb olacaqdır. Cənab Ruhül-qüds! Görürəm ki, böyük bir həngamə qopmuşdur. Vəziyyət o qədər gərgindir ki, sizin iradənizdə belə sarsıntı müşahidə olunur, əlifba məsələsinin irəli getməsi işində də ümidsizlik hissinə qapılmışsınız. Belə olarsa, mübarizə və müxalifətlə işi irəliyə apara bilməyəcəyik. Gərək düşmənlərimizlə sülh və barışıq yolu ilə rəftar edək! Onların təbiətinə başqa vasitələrlə təsir göstərək! Buna görə də, mən həmin iki nəfər böyük düşmənimizə öz tərəfimdən bir məktub yazıram və o məktubu sizə göndərirəm. Əgər məsləhət bilsəniz, məktubu onlara verin və bağışladığı təsir haqqında məni xəbərdar edin! Cənab Ruhül-qüds! Cənab Münif əfəndi İstanbulda məni Osmanlı Cəmiyyəti-elmiyyəsinə dəvət etdiyi gün həmin məclis əhlinin bəzilərinin yanında mənə belə bir sual verdi: – Mirzə Fətəli, siz öz yeni yazı üsulunuzda nöqtələri tamamilə atmışsınız və bütün hərəkələri hərflər sırasına daxil etmişsiniz. Lakin sözlərin tərkibində hərflərin bitişikliyini əvvəlki qaydada saxlamışsınız. Əlifbanı dəyişdirməkdən məqsəd oxuyub-yazmağı asanlaşdırmaqdırsa, nə üçün bu işdə ayrılan, bitişməyən hərflərin mürəkkəb və bitişən hərflərdən üstün olduğunu nəzərdə tutmamışsınız? Mən ona bu cavabı verdim: – Ayrı-ayrı və fasiləli olan hərflər hər cəhətdən mürəkkəb və bitişik yazılan hərflərdən üstündür. Bu məsələ mənim üçün gizli deyildi. Lakin mən qorxdum ki, əgər yeni əlifbada fasiləli və bitişməz yazılan hərfləri qəbul etsək, yeni qayda ilə köhnə qayda arasında əsaslı fərq əmələ gələcəkdir ki, bu da xalqın qorxuya düşməsinə səbəb ola bilər. Cənab Ruhül-qüds! Yadıma gəlir ki, bir zaman İstanbulda da sizin bu xüsusda verdiyiniz suala eyni cavabı vermişdim. Hətta bir dəfə kiçik bir kağızın üzərində karandaşla yazıb sizə bildirmişdim ki, yeni əlifba layihəsində mən köhnə islam hərflərinin şəklinə zidd olan yeni bir təklif irəli sürməmişəm və bunun səbəbini də bir neçə kəlmə ilə sizə sübut etdim. Bunun səbəbi ancaq müsəlmanların qorxub-hürkməsindən çəkinməyim idi. İndi isə mənim güman və şübhə etməkdə haqlı olmağım aşkara çıxır. Cənab Ruhül-qüds! Yazırsınız ki, buradakı qəzetlər bizim məsələmiz ətrafında fransız dilində müfəssəl şərhlər yazmışlar və şiddətli mübahisələr ortaya çıxmışdır. Bu şərhlərin çap edildiyi bütün qəzet nömrələrini mənə göndərməyinizi xahiş edirəm. Mənim sizdən etdiyim xahiş ancaq bundan ibarət idi. Mənim və ya sizin adınızın onlarda çəkilib-çəkilməməsi vacib deyildir. Madam ki, mətləb vardır, mütləq göndərin! Eyni zamanda, mərhum sədr-əzəmin xüsusi katib tərəfindən onun ünvanına yazılıb çap edilən yeni əlifba haqqındakı fransız dilində olan məqaləni də mənə göndərin. Ey Ruhül-qüds, Allah rizasına, məni Bombeydə hakim olan o ingilisin bütün yazılarının və habelə əlifbaya dair yazan o italiyalı filosofun məqalələrinin ləzzətindən məhrum etməyin! Onların hamısını mənə göndərin! Xüsusilə onun sizin adınıza yazıb hədiyyə etdiyi kitabçasını göndərin! Oğlum Rəşid fransız dilini bilir, onların hamısını oxuyacaq və məzmununu mənə söyləyəcəkdir. Cənab Ruhul-qüds! Tehranın arif adamları içərisində “Kəmalüddövlə” təsəvvürə gəlməz bir həyəcan yaratmışdır. Tehran ariflərinin hamısı onun surətini köçürmüşlər. Təəssüf edirəm ki, siz “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi ilə tanış deyilsiniz və inanılmış bir adam tapa bilmirəm ki, onu sizə göndərim. Cənab Həsənəli xana məndən çoxlu salam söyləyin və deyin ki: “Birdən sarıtüklü bir kişicik ki, indi İrana tərəf yola düşübdür, Allah öz bəndələrini bu haramzadanın şərindən saxlasın”, indi İranın sipəhsaları-əzəmi olubdur. Həsənəli xanın gözü aydın! Bu günlərdə Həmzə Mirzə elçi sifətilə Tiflisə gəlmişdi. Həmin “kişicik” onun ürəyinə də dağ qoymuşdur. İmperaturi-əzəm əlahəzrətlərinin verdiyi bar məclisində mən Həmzə Mirzənin mütərcimi idim; onun bəyanatını və məktubunu çox təntənəli bir surətdə rus dilinə tərcümə etdim. İmperaturi-əzəmin bir məclisində Osmanlı elçisinin mütərcimi də mən idim. Osmanlı elçisi çox xoşagələn, işbilən, savadlı, nəcib xasiyyətli və təbiətcə səxavətli bir şəxs idi. Lakin köhnəpərəst və mühafizəkar adamlardan idi. Mən yeni əlifbanın haqq bir iş olduğunu ona isbat edə bilmədim. O, əlifbanın dəyişdirilməsinin lüzumunu şiddətlə inkar etdi. Sizin yeni dostunuz bizim böyük ağalardandır. İstanbulda olduğum zaman onu görmək arzusunda idim və bu arzu ilə də İstanbuldan qayıtdım. Ona çatdırmaq üçün yerlimiz tacir ağa Ələkbərə bir məktub verdim. Bilmirəm, göndərmişdir, ya yox? Hər halda, indi hər gecə Şeyxülislamla onun zikri-xeyrini edirik, onu görmək həsrəti ilə dünyadan gedəcəyik. Barı, bizim görüşünü nə dərəcədə arzu etdiyimizi ali cənablarına söyləyin! Cənab Şeyxülislam sizi görmək arzusundadır. Yəqin ki, dostumuz Münif əfəndi düşmənlərdən qorxur və mənə məktub yaza bilmir. Heç olmazsa, mənim salamımı ona yetiriniz. Cənab Ruhül-qüds! Bizim qarşımızda iki yoldan biri durur: ya gərək ümidimizi kəsərək yeni əlifbanın tətbiqi fikrindən birdəfəlik əl çəkək, ya da başqa tədbirlər vasitəsilə fikrimizi həyata keçirməyə və qarşımıza çıxan maneələri qaldırmağa birlikdə hümmət və qeyrət sərf edək. Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. Mən bu fikrə elə bağlanmışam ki, ondan əl çəkmək mənim üçün çox çətindir. Mən sizin də bu barədə iradəsizlik göstərməməyinizi arzu edirəm. Hər halda, əlacsızlıqdan mən bu tədbirə əl atıram. Mən qarşıda duran və maneələrlə dolu olan bir qalaya başqa yolla hücum edirəm. Görüm, bu qalanı almaq və ona yiyələnmək mənə müyəssər olacaqdır, ya yox? Əgər bu tədbirim də baş tutmazsa və bu hücumum da rədd edilərsə, yenə də başqa tədbirlərə əl atacağam. Məgər siz bilmirsiniz ki, insanın kəlləsində olan bir ovuc beyin nə qədər müxtəlif və mürəkkəb fikirlərin xəzinəsidir?! İnsanın fikir və xəyalının vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin deyildir. Çox mümkündür ki, bu tədbirlərimizin heç birinin təsiri olmasın. Lakin yeni fikir tapmaq yenə də çətin deyildir. Heç olmazsa, ömrümüzün sonuna qədər bir işlə, bir arzu ilə yaşayaraq ondan ləzzət aparacağıq. Nə eybi vardır? Sonu bu olacaqdır ki, camaat deyəcəkdir ki, bu Mirzə Fətəli və Melkum əcəb səfeh adamlardır, istəyirlər ki, bu ölmüş milləti yenidən diriltsinlər!.. Düşmənlərimizə yazdığım məktub sizin nəzərinizdə mənasız və cəfəng görünərsə, onu heç kəsə verməyin, mənə xatırladın ki, başqa cür məktub yazım! Hər halda, mən hər cəhətdən sizin fikirlərinizi, işarələrinizi və tapşırıqlarınızı yerinə yetirməyə hazıram. Cənab Ruhül-qüds! Düşmənlərimizin ünvanına yazdığım məktub xoşunuza gəlsə və məsləhət bilsəniz, yazın, onu Tehrana göndərdim ki, bir şey artırıb-əskiltmədən, orada qəzetdə dərc etsinlər. Çünki Mirzə Nəbi xanın oğlu da Tehranda demişdir ki: “İslam əlifbasını dəyişdirmək İranda qacarlar sülaləsi dövlətinin zəvalına səbəb olacaqdır”. Bu gün özlərini İranda dövlət başçılarından hesab edən avara lotular da onun sözünə qulaq asaraq, əlifba xüsusunda ağızlarına su almışlar. Bu xəbəri eşitdikdən sonra ürəyim yandı, bir mənzumə yazdım ki, birinci beyti belədir: “Mənim ömrüm bu fani zəmanədə kədər və qüssə ilə başa çatdı”. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 14 oktyabr 1871-ci il, Tiflis * * * Mirzə Melkum xana (ayrıca vərəqə) Ayrıca vərəqə Cənab Ruhül-qüds! Olmaya-olmaya belə zənn edəsiniz ki, mən doğrudan da bu fikirdəyəm ki, xalq üsyan edəcək və qovğa düzəldəcəkdir. Kül belə millətin başına! Bu əsrdə millətdə o hal qalmamışdır ki, əlifbanın dəyişdirilməsi üstündə müharibəyə qalxışsın. Bu xüsusda mənim əqidəm, eynilə odur ki, siz bu barədə Şeyxin cavabında demişsiniz: Şeyx – Necə yəni! Siz belə bir dairəni necə ləğv edə bilərsiniz; məgər bu zarafatdır! Millət bizim dərimizi soyar. Vəzir – Millətin şüuru barədə qəribə əqidəniz vardır. İndiyə qədər necə... ilaxır... Düşmənlərimiz ya anlamırlar, ya da ki, anlayırlar, amma sizin barənizdə tərslik və paxıllıq edirlər. Mən onlara nə yazmışamsa, əlacsızlıq və həyəcan üzündən yazmışam. Əgər düşmənlərə yazdığım kağızı verməli olsanız, kağızın başında onların adını layiqli ləqəblərlə yazıb, zərfin möhrünü yapışdırıb veriniz! Mirzə Fətəli * * * Osmanlı nazirlərindən iki nəfərinə yazılmış məktub 1871-ci il 14 oktyabr tarixində Mirzə Fətəli tərəfindən Böyük ağalarım! Allah ömrünüzü uzun eləsin! Mən siz cənablarla görüşüb tanış olmaq şərəfinə nail olmamışam. Lakin dostlarım İstanbuldan xəbər verirlər ki, islam əlifbası məsələsində sizin əqidəniz bambaşqadır. Sizin nəzərinizdə elə görünür ki, köhnə islam əlifbasını dəyişdirmək, yəni köhnə islam xəttini dəyişdirmək islam dövlətinin zəvalına səbəb olacaqdır. Buna görə də mən sizə həmin məktubu yazmağa cəsarət edirəm. Mən ümumiyyətlə sizin fikrinizin haqlı olduğuna şərikəm və qabaqcadan sizə deyirəm ki, əlifbanın və köhnə islam xəttinin dəyişdirildiyi təqdirdə nə kimi bir həngamə qopacaqdır. Müsəlman tayfalarının əksəriyyəti savadsız və dünyanın vəziyyətindən və xalqlarının tarixindən xəbərsizdirlər. Hətta, bizim ruhani alimlərimizin belə, dünya mədəniyyətindən xəbərləri yoxdur. Belə bir vəziyyətdə əgər biz əlifbanı və köhnə islam xəttini dəyişdirməyə iqdam etsək və avropalıların xəttinə oxşar bir əlifba qəbul etsək, əvvəlcə ruhanilər və onların ardınca bütün xalq baş qaldırıb fəryad qoparacaqlar ki: “İslam dövlətinin başçıları bizim xəttimizi dəyişirlər, dinimizə rəxnə salırlar, islamiyyəti aradan qaldırırlar, bizi avropalıların rüsum və adətlərinə tabe edirlər”. Bu cür qışqır-bağırın nəticəsi də bu olacaqdır ki, müdafiə olunan məmləkətlərin hər yerində, hər guşəsində, xüsusilə Ərəbistanda, Yəməndə, Misirdə, Məğrib-Zəmində, Afrika və Asiyanın başqa yerlərində qovğalar və üsyanlar baş verəcək, həngamələr qopacaq, fitnələr başlayacaq və qanlar töküləcəkdir ki, qələmlə vəsfini etmək çətindir. Bu hadisələr baş verdikdə, nəinki şahlıq və dövlət təhlükə qarşısında qalacaq, bəlkə də ehtimal ki, islam xalqları arasında qan tökmək işi hətta yüz il bundan sonra belə dayandırıla bilməyəcəkdir. Köhnə islam xətti dəyişdirildiyi təqdirdə belə bir vəziyyətin yaranacağını mən Mirzə Fətəli Axundzadə tam yəqinliyi ilə qabaqcadan müşahidə edirəm. Əgər Melkum xan və köhnə xəttin dəyişdirilməsinə tərəfdar olan başqaları bu əqidəni inkar edərlərsə, onlara deyə bilərsiniz ki, İbn-Muqlə islam xəlifələrinə yaxın olduğu halda, nazir rütbəsinə malik olduğu halda, kufi xəttini nəsx xətti ilə əvəz etmək qərarına gəldiyi zaman, avam camaatın və ümumi qarmaqarışıqlığın qorxusundan bu işə birdən-birə cəsarət edə bilmirdi. Buna görə də müdafiə olunan bütün islam məmləkətlərində belə bir şayiə yayıb elan etdi ki, guya Əli ibn-Əbutalib, Allah ondan razı olsun, onun yuxusuna gəlmiş və kufi xətti nəsx ilə əvəz etməyə onu məmur etmişdir. Xalq onun yuxusuna inandı. Çünki İbn-Muqlə dindar, Quranın üzünü köçürən bir adam idi, ruhanilərin və avam camaatın etimad və etibarını qazanmışdı. Bu yuxu, cürbəcür və müxtəlif bəlalar qarşısında İbn-Muqlə üçün bir qalxan olub, onu müdafiə etdi. Xalq onu böyük imamın məmuru zənn etdi və görəcəyi işə razılıq verib susdular. Bu yuxunun sayəsində idi ki, İbn-Muqlənin hərəkəti üsyan və qovğaya səbəb olmadı. İbn-Muqlənin yuxu görməsi və kufi xətti dəyişdirməsi əhvalatı, mən yazdığım həmin şəkildə “Süleymaniyyə” kitabında şərh edilmişdir. Ola bilsin ki, bu mətləb başqa kitablarda da fəzilət sahiblərinin nəzərinə çatmışdır. Mən Mirzə Fətəli Axundzadə və habelə Melkum xan və köhnə islam xəttini dəyişdirmək tərəfdarı olan başqaları, aydındır ki, günahkar adamlardanıq. Biz zahidlik və müqəddəslik iddiasında ola bilmərik. Avam camaat və ruhanilər bizə inanmaz. İbn-Muqlənin gördüyü yuxunu biz görə bilmərik, görsək də, heç kəs bizə inanmaz. Bununla belə, biz istəyirik ki, köhnə islam xəttini avropalıların işlətdiyi xətt ilə əvəz edək. Elə isə, ehtimal olunan şübhəsiz bəlalardan özümüzü qorumaq, üsyanları və qovğaları aradan qaldırmaq üçün hansı sipər və nə kimi vasitələrimiz vardır? Heç nə! Bununla da, mən Mirzə Fətəli Axundzadənin, Melkum xanın və başqalarının arzu etdiyimiz tərzdə köhnə islam xəttini dəyişdirmək qeyrimümkün işlərdən hesab olunur və belə bir işə əl qaldırdıqda böyük hadisələrin baş verəcəyi aydındır. Ona görə də mən sizin dövlət dostu olmağınıza, dindarlığınıza, vətənpərvərliyinizə, uzaqgörənliyinizə afərinlər göndərib, təqdirlər yazıram. Lakin, ey mənim böyük ağalarım! Digər tərəfdən də, siz islam xalqlarının başçılarından olduğunuza görə vacib hesab edirəm ki, müsəlmanların vəziyyətini və əhvalını yaxşılaşdırmaq barədə fikirləşəsiniz və xatırlayasınız ki, bütün hicri tarix boyunca, islam xalqını mədəni xalqlardan geri salan səbəblər nədir və hansı tədbirlər vasitəsilə bu xalqı tərəqqilərə çatdırmaq olar ki, nəticədə fitnələr baş vermiş olmasın? Tərəqqi yolunun əsas maneələrindən biri, islam əlifbasının çətinliyidir. On min nəfər müsəlman içərisindən bir nəfər savadlı tapmaq olmur. Qadınların hamısı savadsızdır. Bizim savadlı sayılanlarımızın da çoxunun savadı naqis və yox dərəcəsindədir. Belə olduqda, rəvadırmı ki, dövlət vəkilləri və başçıları islam xalqının bu vəziyyətinə yanmasınlar? Onun xoşbəxtliyi və tərəqqisi üçün səy və qeyrət göstərməsinlər? Bu dünya fanidir! Dünyada yaşamağın yeganə ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər. Əgər xudavənd-aləm bizdən soruşsa ki, sizə dünyada yetmişhəşdat il tam qüdrətli ömür verdim, bu müddətdə bəndələrimə nə kimi xeyir işlər gördünüz? O zaman nə cavab verəcəyik? Gəlin əl-ələ verək, Allah bəndələri barədə, islam xalqının xoşbəxtliyi barədə düşünək! Deməyin ki, Mirzə Fətəli, sənə nə var?! Melkum xan, sənə nə var?!. İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi, öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmazsa, onun sahibi dərdə düşər, ömrü qüssə və kədər içində keçər. Mən və Melkum xan islam xalqının naxoş olduğunu görürük, onun dərdinin əlacını da bilirik və bizdə olan bəşər təbiətinin tələbatı üzündən bu əlacı xalqdan gizli saxlaya bilmirik. Əgər gizlətsək, özümüz də naxoş olacağıq. İslam xalqının tərəqqisini təmin edib, eyni zamanda fitnə və fəsada səbəb ola bilməyən yeganə tədbir, mənim fikrimcə, bundan ibarətdir ki, islam əlifbası məsələsi ilə məşğul olmaq üçün İstanbulda xüsusi bir məclis təsis olunsun. O məclis belə bir qərar çıxarsın ki, köhnə islam xətti Qurani-şərif, fiqh kitabları və bütün dini kitablar üçün əsla dəyişilmir və ruhani alimlərimiz həmişə dini elmləri bu əlifba ilə öyrənməli, oxumalı və öyrətməlidirlər. Lakin dini işlərə əsla dəxli olmayan dünyəvi elmlər və müxtəlif sənətlərə aid olan kitablar üçün xüsusi məclis yeni bir əlifba tətbiq etməlidir ki, peşəkarların, qoşun əhlinin və başqa dövlət məmurlarının uşaqları dövləti məktəblərdə elmləri və bilikləri həmin əlifba ilə öyrənsinlər. Xüsusi məclis bütün xalqı başa salmaq üçün daima qəzetlərdə açıqaydın yazıb elan etməlidir ki, köhnə islam əlifbası öz yerində qalır. Bunu da yazmalıdır ki, köhnə əlifba dəyişdirilərsə, fitnə və fəsad baş verə bilər. Dövləti-əliyyə və din alimləri onun dəyişdirilməsinə heç bir vəchlə razı olmayacaqlar. Ancaq köhnə əlifbanın çətinliyi üzündən onu öyrənməyə qüdrəti, vaxtı və imkanı olmayan yoxsullar, peşəkarlar, qoşun əhli və başqa dövlət qulluqçuları üçün dövləti-əliyyə xüsusi məclisin məsləhəti ilə yeni və ayrıca bir əlifbanın tətbiqinə icazə vermişdir ki, həmin təbəqələrdən olan adamlar bu yeni əlifbanın köməyi ilə az bir zaman ərzində savadlanmağa qadir olub, sonra hər birisi öz məişət işlərilə məşğul ola bilsinlər. Bu yeni və ayrıca xətti isə, islam xətti adlandırmayacağıq! Bu yeni xətt, rəssamlıq və sairə kimi, sənətin bir növüdür. Necə ki, Əbdürrəhman ibn-Xəldun da öz tarixinin birinci cildində xətti sənət növlərindən hesab edib yazmışdır: “Yazı və xəttin insanların yaratdığı sənət növlərindən olması haqqında fəsil, o da hərflərin quruluşu və şəkillərindən ibarətdir, ilaxır”. Sonra isə deyir: “Xətti bilmək kəmalşərti deyil. Çünki xətt mədəniyyət və məişət sənətləri növündəndir. Onun naqisliyi dini nöqsan sayılmaz, ancaq məişət vasitələrinin nöqsanı sayılır”. Bu yol ilə də yeni və ayrıca xəttə icazə verilməsi ilə ümumi xalq öz dini barədə qorxuya və təşvişə düşməyəcəkdir. Belə bir tədbir sayəsində dövlət və səltənət üçün əsla heç bir təhlükə ehtimal olunmayacaqdır. Mən Mirzə Fətəli Axundzadənin və Melkum xanın yeni xəttin ixtira və tətbiqinə müdaxilə etməsinə əsla ehtiyac yoxdur. Qoy, xüsusi məclis özü yeni əlifbanın yeganə ixtiraçısı və tətbiqedicisi olsun! Ancaq bu şərtlə ki, yeni yazıda əbəda nöqtə olmasın, hərflər nöqtələrin köməyi olmadan bir-birindən seçilsinlər, hərəkələr və saitlər tamamilə və hamılıqla hərflərin sırasına daxil edilsinlər; hərflər isə sözlərin tərkibində bitişməz və ayrı-ayrı yazılsınlar. Bu üsul qəribə bir iş və ya təkcə avropalılara xas olan üsul deyildir. Ayrı-ayrı yazılıb bitişməyən hərflər, kufi xətti meydana gəlməzdən əvvəl ərəblərdə, Himyər tayfasında da mövcud olub işlənilirdi. Necə ki, Əbdürrəhman ibn-Xəldun öz tarixinin birinci cildində, yuxarıda qeyd edilən bəhsdə yazır: “Himyər tayfasında bir xətt var idi ki, “məsnəd” adlanırdı, hərfləri isə bitişməzdi”. Yeni xətti islam xətti adlandırmayacağıq. Ona görə ki, islam xətti ancaq dini elmlər üçün saxlanılan xətdir. Yeni xətt isə ayrıca bir sənət növüdür ki, xalqın məişəti üçün onu öyrənməyi lazım bilmişik. Odur ki, həmin sənətin öyrənilməsi işini asanlaşdırmaq məqsədilə həmin xətti əgər soldan-sağa yazsaq, heç kəs bizi danlayıb məzəmmət etməz. Yeni xətt üçün hərflərin şəkillərini ixtira və tətbiq məsələsində qoy xüsusi məclis yer üzü xalqlarının bütün əlifbalarını göz qarşısına qoysun və onlardan hər hansının şəkli xoşuna gələrsə, onu seçsin! Əlbəttə, gözəllikdə, zəriflikdə misilsiz olub. Həm də öz köhnə hərflərimiz əsasında düzəldiklərinə görə üstünlüyə malik olan Melkum xanın ixtira etdiyi hərflərin şəkilləri də xüsusi məclisin nəzərindən qaçmamalıdır. Nəhayət, sizin kimi böyük ağaların ömrünün uzun olmasını arzu edərək, həm əlifba məsələsində, həm də yazıb təklif etdiyim tədbir barədə şəfqətli cavabınızı arzu edirəm. O böyük ağalara ixlası olan kolonel Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana Mirzə Yusif xan Müstəşarüddövləyə Əzəmətli ağam, səadətiniz daimi olsun! Əziz məktubunuz məhərrəm ayının 2-də yetişdi. Poçtun gecikdiyinin səbəbini bilmirəm. Hər halda, sədr-əzəmlik təsis olunduqdan sonra sizdən başqa tehranlı dostlarımın hamısı məni birdəfəlik unutmuşlar. Mənim aligövhər şahzadəm məni daha yadına salmır və üç məktubuma cavab göndərməmişdir. Mirzə Məhəmməd Cəfər Qərəcədaği artıq komediyaların tərcüməsi barədə susmuşdur. Əli xan məni elə unutmuşdur ki, guya heç tanımırmış. Tiflisə gələn və mənimlə məktublaşmaq vədini verən kaşanlı Mirzə Tağı Təbib bir guşəyə elə sığınmış ki, varlığından heç bir əsər görünmür. Hətta bizim dünyagörmüş qoca dostumuz zərdüştinəsəb Manukci Sahib də vəd etdiyi “Əncümənaraye-huşəng” kitabını göndərməyi bir yana qalsın, özünü elə kənara çəkmişdir ki, sanki nəfəs çəkməyə cürəti yoxdur. O da mənim üç məktubuma cavab yazmamışdır. Nə isə, əvvəllər vəziyyət başqa cür idi, indi isə başqa cür olmuşdur. Vəziyyət elə qalmadı, belə də qalmayacaq! Bütün dostların susmasını üzürlü hesab edirəm. Sizin işarənizi anlamaq üçün fikirləşmək lazım deyildir. Son dəfə Tiflisə gəldikdə sizə verdiyim şeirləri yəqin ki, oxumuşsunuz: “Haramzadəyə bel bağlamayın! Zəncini yumaqla ağartmaq olmaz”. Təbiətlərində yaltaqlıq və alçaqlığın təsiri olan adamlar belə, mənim nəzərimdə yüksək təbiətli və qeyrətli adamlardır. Lakin bizim hərifin təbiətinə yaltaqlıq və alçaqlıq da təsir etmir. Hər kəsdən ki, qorxur, çəkinir, özünü ona xeyirxah göstərir. Alçaq təbiətli, yaramaz, rəzil və qorxaqların xasiyyəti belədir. Siz nə iş üçün Bakıya gəlmişsiniz? Buradan haraya gedəcəksiniz? Bəs sizin Ədliyyə Nazirliyiniz və Tiflisdə mənimlə Şeyxülislama göstərdiyiniz avropasayağı qanun məcəllənizin aqibəti nə oldu? Ədliyyə naziri vəzifəsini Zəhirüddövləyə vermişlər. Tiflisdə mən Zəhirüddövlədən soruşdum ki, savadınız varmı? Cavabında dedi ki: “Xeyr, savadım yoxdur”. Bəs savadsız adam necə nazir olacaqdır? Bəs sizin həmin nazirlik haqqında Tehran qəzetinin bir neçə nömrəsində dərc etdirib oxuculara sabun köpüyünə oxşayan fikirləriniz haqqında elan etdiyiniz o taraqqa-turuqlu islahat haraya getdi?! Sizin həyata keçirmək istədiyiniz qanunlar bugünkü İranda ona oxşayır ki, bir arabaya bir at, bir ulaq, bir camış və bir öküzdən ibarət müxtəlif yerişli dörd heyvan qoşasan. At surətli gedəndir, ulağın yerişi ortadır, camış ağır gedəndir, öküz isə özünü tərsliyə qoyub, başqalarının da yeriməsinə mane olandır. Belə bir vəziyyətdə, əlbəttə, araba əsla irəli getməyəcəkdir. At öz yoldaşlarına deyəcəkdir ki: “Gəlin qeyrət edin, arabanı çəkək!” Ulaq istər-istəməz buna razı olaraq, alababat hərəkət edəcəkdir. Camış atın sözünü ikrahla dinləyəcək və ağır-ağır hərəkət edəcək, öküz isə nə atın sözünü dinləyəcək, nə də yerindən hərəkət edəcəkdir. Təfəkkür sahibi olan siz, arabanın irəli getməsini istəyirsiniz. İrandakı liberallar sizin xəyalınızın tərəfdarı olmaqla, mən dediyim at kimidirlər. İranın yerdə qalan camaatı isə ulaq, camış və öküz təbiətindədirlər ki, istər-istəməz sizin fikirlərinizə ya şərik olur və ya onu rədd edirlər. Bütün İran camaatı at təbiətində olmalı, onların hamısı liberal olmalıdır. O zaman sizin arabanız yola düşə bilər. Bunlar hamısı sizin üçün bir təcrübədir. Siz bilməlisiniz ki, nə qədər ki, “Kəmalüddövlə” çap edilməmiş və bütün əhalinin fikrində kök salmamışdır, nə qədər ki, biri digərindən ayrı yazılan bitişməz hərflərə malik olan əlifba bitişik yazılan hərflərə malik əlifbanın yerini tutmamışdır, nə qədər ki, kəndli, şəhərli və bütün əhali savadlanmamışdır və elm sahibi olmamışdır, sizin zəhmətləriniz hamısı heçə – puça çıxacaqdır. Avropadan gətirdiyiniz və bütün ayələri və hədisləri öz fikirlərinizin sübutu üçün dəlil hesab etdiyiniz kitab avropalıların fikrinin məhsulu idi. Siz elə bilirsiniz ki, onu əxz etməklə, məqsədə çatmaq olar. Lakin siz bilmirsiniz ki, mənəvi və fikri tərəqqi ölkədəki zahiri və əməli tərəqqidən əvvəl baş tutmayıbdır. İnsan təcrübə sahibi və ağıllıların düzəltdiyi planların sirlərini dərindən öyrənmədikcə, başqalarının təcrübəsini olduğu kimi mənimsəməkdən heç bir nəticə əldə edə bilməz. Siz görəcəksiniz, bizim hərif axırda haraya çatacaqdır. Əgər Ruhül-qüds də gəlib öz əlifbasını həyata tətbiq etməzsə, onun bütün səyləri və zəhmətləri nəticəsiz qalacaqdır. Məgər bütün camaat ayələri və hədisləri anlayırlar? Ayələr və hədislər bu işə çarə edə bilərmi? İran camaatı avropalıların fikirlərini qavramaq istedadına malik olmalıdır. Avropalıların təcrübələri və hünərlərini mənimsəməkdən əvvəl onların xəyalı iranlıların şüurunda özünə yer tapmalıdır. Deyəcəksiniz ki, Mirzə Fətəli, sənin də fikirlərin həyata keçiriləsi deyildir! Bəli, hələlik, bu da doğrudur. Lakin mənim fikirlərim heç olmazsa haqdır. Bir zaman gələcəkdir ki, bizim arzularımız mənim xəyalımla həqiqətə çevriləcəkdir. Sizin bir daha Tiflisə yolunuz düşəcəkdir, ya yox? Mən və Şeyxülislam sizi görmək həsrətindəyik. Ruhül-qüdsün məktubunu sizə elə bir vasitə ilə göndərdim ki, şübhəsiz, çatacaqdır. Bilmirəm mənə nə kitab göndərmişsiniz. Mən sizdən heç bir kitab almamışam. Əlbəttə, nə vaxt və kimin vasitəsilə göndərdiyinizi yazın! Şeyxülislam sizə çoxlu salam göndərir. Əgər zəhmət olmazsa, özünüzün vəziyyətinizdən, əhvalatınızdan və İranın yeniliklərindən ətraflı bir məktub yazıb göndərin! Əmin olun ki, onun məzmununu məndən və Şeyxülislamdan başqa heç kim bilməyəcəkdir. Biz sizin əhvalatınızı bilməyin təşnəsiyik. “Tehran” qəzetindən çox şikayətli və rəncidəyəm. Mazəndəran səfəri təəssüratının və Dovşantəpə ov səfərinin əhvalatının nömrədən-nömrəyə keçməsi az qalmışdır ki, bizi Tiflisdən qaçaq salsın. Oğlum Rəşid sizin əlinizi öpür. Gimnaziyanı bitirmiş, hazırda evdə ərəb və fars dillərini öyrənməklə məşğuldur, fransız müəllimi də vardır. İndi fransız dilini çox yaxşı bilir. Qabiliyyətli cavandır. İstedad və əxlaqından qəlbən çox razıyam. Xudavəndi-aləm gözümün işığı Hüseyni və onu öz himayəsində saxlasın ki, bizdən sonra onlar bizim yadigarlarımızdır. 1872-ci il martın 3-də Tiflisdə, sizə ix- lası olan Mirzə Fətəli tərəfindən yazıldı. * * * Mirzə Yusif xana Əzəmətli ağam Mirzə Yusif xan! Səadətiniz daimi olsun! Yazırsınız ki, cəlal sahibi sədr-əzəm cənab ları öz vəzifəsində İranda o işləri görəcəkdir ki, Böyük Pyotr Rusiyada görmüşdür. Ümid var ki, bizim həmvətənlərimiz tərbiyəsizlik bəlasından xilas olsunlar. Elə isə, mən Mirzə Fətəlinin sizin cəlal sahibi, yüksək və əziz cənabınıza təbrik yazmağımın yeri vardır. Lakin hər iddia üçün dəlil göstərmək lazım gəlir. Böyük Pyotr öz xalqını tərbiyəsizlik və savadsızlığın bəlasından xilas etmək üçün rusların köhnə əlifbasını ləğv edib, yeni bir əlifba tətbiq etmişdir. Sizin sədrəzəm cənabları isə köhnə əlifbanı saxlayır. Bəs hansı vasitə ilə o, bizim xalqımızı tərbiyəsizlik və savadsızlığın bəlasından xilas edəcəkdir. Yeni əlifbanın tətbiqindən və maarifin genişləndirilməsindən əvvəl İran ölkəsində görülə biləcək hər cür mülki tədbir nəticəsiz və bəhrəsiz qalacaqdır. Belə bir vəziyyətdə İranda görülən hər bir tədbir qumsal səhrada tikilən bir evə oxşayır ki, külək qalxdıqda bu binanı alt-üst edərək, yerlə yeksan edəcəkdir. Bu o deməkdir ki, maarifin yayılmasından əvvəl görülən hər cür tədbirlər alt-üst olacaqdır. İran xalqı bu gün sizin sədr-əzəm cənablarının fikrinə şərik deyildir və onun fikrində tutduğu məqsədləri dərk etmək qabiliyyətindən məhrumdur. Hər şeydən əvvəl, belə bir vasitə tapmaq lazımdır ki, xalq onun fikrinə şərik olaraq, onun gördüyü tədbirləri müdafiə etməyə hazır olsun! Bu vasitə isə köhnə islam əlifbasını dəyişdirmək, yeni əlifbanı tətbiq etmək yolu ilə maarifi yaymaqdan ibarətdir. Əgər belə olarsa, nəinki mən Mirzə Fətəli onu təbrik edərəm, hətta bütün dünya onun məddahı olar və gələcək nəsillər dünya durduqca ona təşəkkür edərlər və tarixin səhifələri onun tərifi və vəsfi ilə dolar. Lakin sizin sədr-əzəm cənabları mənə qarşı kəmiltifat olması üzündən, bu cür ümumi bir mənfəətə ona görə göz yumub ki, köhnə əlifbanı dəyişdirmək fikri mənim tərəfimdən ortalığa atılmışdır. O, elə güman edir ki, bunsuz onun gördüyü cürbəcür və müxtəlif başqa tədbirlər dövlət və millətə bir səmərə verəcək və bəhrə göstərəcəkdir. Lakin o, bilməlidir ki, yeni əlifba tətbiq edilməzsə, maarif yayılmazsa, onun gördüyü bütün tədbirlər uzaqdan su kimi görünən səraba oxşayar. Mətləb daha aydın olsun deyə, sizin üçün bir müqəddimə fikirləşib yazıram. Bu da ona görədir ki, qəm-qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə bir məşğələ axtarıram. Çünki məhərrəm ayının 17-də Xanbaba xanın arvadı olan qızım Seyrəbəyim sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Daha nə vəziyyətdə olduğumu soruşmayın! Müqəddimə İran viran olmuşdur. S u a l – Nəyə görə? C a v a b – Ona görə ki, camaatı yoxsul və fəqirdir? S u a l – Nə üçün İran camaatı yoxsul və fəqirdir? C a v a b – Ona görə ki, əkinçilik, ticarət, maldarlıq, fəhləlik və bu kimi peşələrin qayda-qanunlarından xəbərsizdirlər. S u a l – İran əhalisinin əkinçilik, ticarət, maldarlıq və kəsbkarlıqdan xəbərsiz olmasının səbəbi nədir? C a v a b – Ona görə ki, məişət və güzəran haqqında İran xalqının əlində kitab yoxdur. S u a l – Məişət və güzərana dair İran xalqının əlində kitabların olmamasının səbəbi nədir? C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları yazmaq və ya tərcümə etmək istəmir. S u a l – Nəyə görə heç kəs bu kimi kitabları yazmaq və tərcümə etmək istəmir? C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları sevmir və onların müəllifi və ya mütərcimlərinin zəhmətini qiymətləndirmir. S u a l – Nə üçün heç kəs onları almır? Cavab – Ona görə ki, kitabları oxuya bilmir. S u a l – Nə üçün onları heç kəs oxuya bilmir? C a v a b – Ona görə ki, mində bir nəfər müstəsna olmaq şərtilə, bütün İran camaatı savadsızdır. S u a l – Nəyə görə İran camaatı savadsızdır? C a v a b – Ona görə ki, savadlanmaq çox çətin bir işdir. S u a l – Savadlanmağın çətinliyinin səbəbi nədir? C a v a b – Ona görə ki, savadsızlığın ləğvinin vasitəsi olan əlifba çox çətindir. S u a l – Savadsızlığı ləğvin vasitəsi olan əlifbanın çətinliyinin səbəbi nədir? C a v a b – Ona görə ki, bu əlifbanın samit hərfləri sözlərin tərkibində biri digərinə bitişir və biri-birindən nöqtələrlə seçilir; digər tərəfdən isə sait hərflər sözlərin tərkibində yazılmır, ancaq ifadə olunur. S u a l – Bəs İranı abadlaşdırmaq üçün nə etmək lazımdır? C a v a b – Bunun üçün İran camaatı behişt misli olan yer üzündə cəlal sahibi olan Allahın onlar üçün yaratdığı bütün nemətlərdən faydalanıb, sərvət və dövlət sahibi olmalıdırlar. S u a l – Təbiətin və Allahın bəxş etdiyi nemətlərdən İran xalqının faydalanması üçün nə etmək lazımdır? Ç a v a b – Onun üçün İran camaatı istər şəhərli, istər kəndli, istər elat olsun, istisnasız, qadınlı-kişili, Prussiya ölkəsinin əhalisi kimi, başdan-başa savadlı olmalı, təbiətin sirlərini öyrənməli və Allahın nemətlərindən istifadə etmək üçün elmin gücü və qüdrətinə arxalanmalıdır. S u a l – Bütün İran camaatının, qadınlı-kişili, savadlanması üçün nə etmək lazımdır? C a v a b – Köhnə əlifbanı dəyişdirmək və yeni əlifbanı tətbiq etmək lazımdır ki, savadlanmaq hər kəsə mümkün olsun. Prussiya dövlətinin etdiyi kimi, camaatı məcbur etmək lazım gəlir ki, hər yerdə məktəblər açsınlar və bütün uşaqlar 9 yaşından 15 yaşına qədər oxuyub-yazmağı öyrənməkdən başqa, heç bir işlə məşğul olmasınlar. S u a l – Yeni əlifbanı nə cür yaratmaq lazımdır? C a v a b – Samit hərflərin hamısı bitişməz olmalıdır; sait hərflər, yəni erab hamısı samit hərflərin sırasına daxil edilməli, hərflərdə olan bütün nöqtələr atılmalı və Avropa xalqlarının əlifbası kimi yazmaq və oxumaq soldan-sağa tətbiq edilməlidir. S u a l – Bəlkə bu iş, yəni belə bir əlifbanın yaradılması şəriətə zərər yetirdi? C a v a b – Birincisi, belə bir iş heç bir vəchlə şəriətə zidd deyildir. İkincisi, tutaq ki, bu iş şəriətə müxalifdir, lakin xalqın xeyrinə olduğu üçün bu işdə bir hiyleyi-şəri düşünüb tətbiq etmək lazımdır. Məlumdur ki, müqəddəs şəriət sələmi də haram etmişdir. Lakin din alimləri görmüşlər ki, heç kəs şəxsi xeyri olmadan, yəni sələmsiz, Allah xatirinə, heç kəsə borc vermir və hər kəs ki, başqasından Allah xatirinə borc istəyir, cavabında deyirlər ki: “Sadığın yanına get!”. Beləliklə də dünyanın işi pozulur. Buna görə də labüd və çarəsiz qalaraq, bir hiyleyi-şəri düşünmüşlər ki, pul sahibi öz pulunu borc verərkən qazanc və mənfəətdən məhrum olmasın. Məsələn, bir şəxs başqa bir şəxsə bir il müddətinə min tümən borc verir. Ondan sonra bir dənə almanı və ya başqa bir qiymətsiz şeyi əlində tutaraq, şəriət hakiminin məsləhəti ilə borclu olan adama müraciət edərək deyir: “Bu almanı pulunu bir il sonra almaq şərtilə sənə 200 tümənə satıram. Sən bilə-bilə və anlaya-anlaya bunu məndən almaq istəyirsənmi ki, vədə başında 200 tüməni mənə verəsən?” Borc alan şəxs də bunu qəbul edir, şəriət hakimi isə onların arasında əmələ gələn saziş haqqında siğə oxuyur. Bundan sonra isə borc alan şəxs, borc verən şəxsə 1200 tümənin sənədini təqdim edir. Belə bir hiyleyi-şəri Allah öz Quranında buyurmuşdurmu? Şəriəti tətbiq edən şəxs onu öz hədislərində xəbər vermişdirmi? Əlbəttə, xeyr! Elə isə məlum olur ki, lazım gələrsə, müxtəlif hiyleyişəri vasitəsilə şəriətin bəzi hökmlərindən kənara çıxmaq mümkündür. Əgər dövlət xadimləri əsrin padşahına havadar çıxmaq məqsədilə bir etiraz edərək desələr ki: “Maarifin yayılması mütləqiyyət hökumətinin mötədil hökumətlə əvəz edilməsinə səbəb olar”, onlara bu cavabı vermək olar ki: “Maarif yayılmazsa, müstəqil şahların sülaləsi tamamilə məhv olmaq təhlükəsi qarşısında qalacaqdır. Yəni savadsız bir ölkədə bir müstəqil padşahın yerinə başqa sülalədən olan müstəqil padşahın meydana çıxması daha artıq mümkün və ehtimala yaxındır. Bütün dünya tarixi bu xüsusda sübutlarla doludur. Belə isə elm və maarifin yayılmasına mane olan dövlət adamları özləri istəmədən və bilmədən onların güzəranını təmin edən hazırkı əsrin müstəqil padşahının devrilməsi üçün şərait yaradırlar. Lakin əgər elm və maarif yayılarsa, hazırkı şahların müstəbid səltənəti mötədil səltənətlə əvəz edilərsə də, əsrin padşahlığının sülaləsinin zavala uğraması təsəvvürə belə gəlməz. S u a l – Belə isə, Mirzə Fətəli, sənin induksiya və deduksiyana görə biz yeni əlifbanın tətbiqi nəticəsində tələf olan köhnə kitablarımızın yüz kürur tümənə yaxın qiymətindən əl çəkib, zərərə düşməliyikmi? Cavab – Əli xan, sən istəyirsənmi ki, yüz kürur tümən xatirinə biz və bizim gələcək nəsillər bu gündən qiyamətə qədər min kürur il müddətində əbədi bədbəxtlik və cəhalət içində qalaq? Bir də belə deyirlər ki, sədr-əzəm cənabları əlahəzrət padşahı Avropa səfərinə aparır. Bu xüsusda da bir neçə kəlmə yazmaq istəyirəm. Şah əlahəzrətləri Peterburqu, Berlini, Venanı, Parisi, Londonu və İstanbulu görüb başa düşəcəklər ki, dünya başqa dünyadır, vəziyyət isə başqa cürədir. Ona görə də şübhəsiz, hər bir məsələdə avropalıların təcrübəsini tətbiq etməyi xahiş edəcəkdir. Avropalıların təcrübəsi isə cürbəcür və müxtəlif elmlərin və sənətlərin yayılmasının nəticəsidir. S u a l – Avropalıların təcrübəsi hansı adamların, hansı elm sahiblərinin, hansı sənətkarların və hansı sərvət sahiblərinin köməyi ilə tətbiq olunacaqdır? Məgər İstanbul sultanı və Misir xədivi avropalıların üslubundan xəbərsizdirlər? Məgər onu öyrənmək istəmirlər? Bu müddət ərzində onlar nə etmişlər? Hey çalışıb-çapalayırlar, hey yaxalarını yırtırlar, lakin ortalıqda heç bir nəticə yoxdur. Bu gün onların məmləkətində müşahidə olunan az-çox mədəniyyət əsəri yenə də islam şahlarının xidmətində olan avropalıların köməyi ilə yaranmışdır. Osmanlı xalqının özünə gəlincə, iraq olsun, bütün islam xalqları kimi, o da hər cür elm, maarif və tərbiyədən məhrumdur. S u a l – Bəlkə islam xalqlarının fitri qabiliyyəti yoxdur? C a v a b – Xeyr! İslam xalqları fitri qabiliyyət nöqteyi-nəzərindən bütün Avropa xalqlarından üstün olmasalar da, əskik deyildirlər. Onların mədəniyyət aləmində geridə qalmasının səbəbi ancaq elmləri və sənətləri öyrənmək vasitəsinin yoxluğudur. Məsələn, islam əlifbası ilə yerlərin və ölkələrin adını düzgün yazmaq və oxumaq mümkün deyildirsə, coğrafiya elmini nə cür öyrənmək olar? “Cami-Cəm” kitabını oxuyub filan yerin adını düzgün söyləyə bilən bir adam harada tapa bilərsiniz? Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri necə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məmul olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birində olan kitablarda bu elmi istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair necə əsərlər yaza bilərik? Bütün bizim gəncliyimiz ancaq savad öyrənməyə sərf olunur. Bir halda ki, biz ərəb dilini iyirmi ildə və fars dilini on ildə mükəmməl öyrənə bilmirik, ərəb dilini öyrənmək işində tələbələrimiz nə qədər əziyyət çəkirlər və cavanlıq illərini təhsil işində sonsuz zəhmətlərə qatlaşaraq keçirirlər, təhsildən qayıtdıqdan sonra isə qocalıb ruhdan düşür və heç bir şey bilmədən, ömürləri hədərə gedir. Bir halda ki, onların öyrəndikləri elmin ancaq dini əməllərə və məsələlərə az-çox dəxli vardır, bizim dünya işlərində zərrə qədər mənfəəti yoxdur. Onların biliyi isə təkcə axirət işləri üçün yarayır. Lakin bütün bu sözlərdən sonra insafı itirməmək lazımdır. Şah əlahəzrətlərinin Avropaya getməsi yaxşı bir fikirdir. Əgər o, öz vəliəhdini də apararsa, daha yaxşı iş görmüş olar. Avropa səfəri sizin sədr-əzəm cənablarının çox gözəl təşəbbüsüdür: “Şərabın bütün eyiblərini dedin, hünərini də de!” Sizin sədr-əzəm cənablarından qəlbən nə qədər uzaq olduğumu bilirsiniz. Lakin şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir. Həqiqətdə, biliyi, tədbiri, fikirlərinin sağlamlığı, zehninin itiliyi, görüşlərinin incəliyi, uzaqgörənliyi, xalqsevərliyi, dövlətə pərəstişi, işgüzarlığı və çalışqanlığı ilə bərabər, dünya və zəmanənin vəziyyətinə dair geniş məlumatı nöqteyi-nəzərindən İran ölkəsində hicrətdən indiyə qədər sizin sədr-əzəm kimi bir nazir hələ iş başına gəlməmişdir. Onun paxıllığını çəkənlər heç birisi, insafla desək, onun tayı və bərabəri ola bilməzlər. Onun gördüyü tədbirlərin hamısının faydasız olduğunu söyləmək olmaz. Onun aclara ianə toplayan cəmiyyəti yaratmaq, rüşvətxorluğu aradan qaldırmaq və başqa bu kimi işlərinin və fikirlərinin faydasını necə inkar etmək olar? Bizim sözümüz orasındadır ki, onun çəkdiyi bütün bu zəhmətlərin nəticəsi müvəqqətidir və özündən sonra unudulub gedəcəkdir. Lakin əgər o, bütün bu tədbirlərlə yanaşı, maarifin yayılmasına da çalışaraq elm və tərbiyə işlərini asanlaşdırarsa, öz ardınca gedən bir çox liberal adamlar hazırlayacaqdır ki, onlar onun İran torpağında saldığı toxumları göyərdəcək və onun fikirlərini əbədiləşdirəcəklər. Bu o deməkdir ki, onun gördüyü işlər mədəniyyətin başlanğıcıdır. Onların davamı və sona çatdırılması üçün liberallar yetişdirmək lazım gəlir ki, böyük işlərin əsasını qoyanlar kimi, onun da adı dünya yaşadıqca yaşasın. Sizə ixlası olan Mirzə Fətəli 1288-ci il hicri, 1872-ci il miladi * * * Mirzə Melkum xana Ruhi-rəvanım Ruhül-qüds – Melkum xan! Mirzə Nəbi xanın oğlu sədarət məqamına çatdıqdan sonra bütün tehranlı dostlar məni unutmuşlar və mənim məktublarıma əsla cavab vermirlər. Mənimlə dostluq və tanışlıq əlaqəsini kəsmişlər. Oktyabr ayında yazdığım məktuba sizdən hələ cavab almamışamsa da, lakin onun məzmununa müvafiq olaraq Hacı Şeyx Möhsüm xanın qardaşı Məhəmmədağa, Şarl Missmerin mərhum Ali paşaya yazmış olduğu fransızca məktubu sizin tərəfinizdən mənə vermişdir. Əlifba məsələsinə dair fransız dilində qəzetlərdə yazılmış müfəssəl yazıları, habelə Bombey sakini ingilisin və italiyalı filosofun yazılarını təcili göndəriniz! Həqiqətdə sizin təfəkkürünüzün məhsulu olan Şarl Missmerin məktubu mənə yetişərkən, həmin gün oğlum Rəşidə tapşırdım ki, onu rus dilinə tərcümə etsin. Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı. Çünki rus dilində mətləbin əslini ifadə etmək üçün kəlmələrin tapılmasında çətinlik üz vermədi. Sonra rusca mətnin üzərində özüm məktubun farsca tərcüməsinə başladım. Lakin fars dilində tərcüməsi mənim istədiyim kimi olmadı, çünki bir çox kəlmələrin qarşılığını tapa bilmədim. Buna baxmayaraq, cənab Şeyxülislam məktubun məzmununa valeh oldu və həmin saat üzünü köçürtdü. Əgər Tiflisə güzarınız düşsə, özünüz bu tərcüməni təshih edib, sonra Tehrana getməlisiniz. Deyirlər ki, sizi Tehrana çağırmışlar. Bilmirəm, gedəcəksiniz, ya yox? Əgər öz əlifbanızı həyata keçirmək ümidiniz varsa, gediniz! Yoxsa, nə vardır? Məgər siz ləqəb və mənsəb almağa və ya təşəxxüs satmağa gedirsiniz? Eh, bir qara pula dəyməz! Oxuyub-yazmaq vasitəsini dəyişməzdən əvvəl qanun və nəzmünizam qoymaq üçün gedirsiniz? Halbuki, Şarl Missmer deyir ki, əlifbanı islah edib dəyişməzdən əvvəl qayda-qanun və nəzmü-nizam qoymaq haqqında edilən hər cür təşəbbüs yersizdir. Şarl Missmerin kəlamı belə deyir: “İslam xalqlarının səy və təlaşının səmərəsizliyi yalnız onlarda mənəvi və fikri tərəqqinin zahiri və əməli tərəqqiyə müqəddəm olmamasından irəli gəlmişdir. Yəni avropalıların theorie adlandırdıqları nəzəri inkişaf, əməli, yəni practique tərəqqiyə üstün tutulmamışdır”. Lakin bunun əksinə olaraq, Mirzə Nəbi xanın savadsız oğlu bu gün Tehranda bir sıra tədbirlər görür. Nəticəsini görəcəyik! Vallah, mənim nəzərimdə o, ləyaqət nöqteyi-nəzərindən “Rəfiq və Vəzir” kitabçasında təsvir edilən vəzirdən heç də üstün deyildir! Təsadüfən sədr-əzəm vəzifəsinə çatmışdır. Fərq ancaq orasındadır ki, o, bəzi şeyləri tutuquşu kimi sizdən və başqalarından öyrənmişdir. Lakin özü despotun nökəri və xudpəsənd bir adamıdır. Tehrana getmək haqqında özünüz öz məsləhətinizi daha yaxşı bilirsiniz. Mən bu işə müdaxilə etmirəm. Bəlkə, mən getməyinizi istəyirəm ki, mənə də yaxın olasınız. Hər halda, əgər getməli olsanız, bəzi mülahizələrə görə ehtiyatən Osmanlı dövlətinin təbəəliyini hələlik saxlayın! Görək, vəziyyət necə olur. Çünki mən hələ indidən anlaya bilmirəm ki, Mirzə Nəbi xanın oğlu səni nə üçün Tehrana çağırır. Onun məqsədi dostluq və xeyirxahlıqdır, ya xeyr? O, səni İrana bir iş görmək və xeyir vermək üçünmü çağırır, yainki sənin kimi hünər və qələm, dil və istedad sahibinin xarici ölkədə olmasını istəməyib, səni oradan uzaqlaşdırmaq, qələmini qırmaq və dilini bağlamaq istəyir... Şarl Missmerin rus dilinə tərcümə edilmiş məktubu, sizə məlum olan bəzi sözləri atılmaq şərtilə, bu yaxınlarda “Kavkaz” qəzetində çap ediləcəkdir. Bu tərcüməni bəzi sözləri çıxmaq şərtilə, rus alimlərindən bir neçəsinə göstərmişəm. Çox bəyənmişlər. Əgər göndərilməsini xahiş etdiyim fransızca yazılardan bəziləri xoşuma gələrsə, dərhal rus dilinə tərcümə edib çap etdirəcəyəm. Mən artıq osmanlılardan ümidimi kəsmişəm və onları hətta məzəmmət belə etmirəm. Mətləbi çox yaxşı anlayıb bildilər ki, yeni əlifba tətbiq edilib elm və mədəniyyət yayıldıqdan sonra onların despot hökuməti və dinləri əldən gedəcəkdir. Məgər siz bu həqiqəti inkar edirsiniz? Məlumdur ki, elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizm və supermatsion (ölülərin ruhuna pərəstiş) artıq yaşaya bilməz. Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər. Doğrudur, bizim fikrimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaqdır, despot hakimiyyəti əvəzinə mötədil və azadlıq hakimiyyəti qurulacaqdır, hünərsizlərin bazarı kasad olacaqdır, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaqdır. Lakin hazırda Osmanlı dövlətinin başçıları olan elmsiz və hünərsiz adamlar buna müxalifdirlər. Onların səfehliyi o dərəcəyə çatmışdır ki, bu incə sirri başa düşməyib, hazırkı hakimiyyətin zavalını və dinin aradan getməsini əlifbanın dəyişilməsi nəticəsində əmələ gələ biləcək xalq üsyanlarında görə bilirlər. Halbuki əlifbanın dəyişilməsi ilə əlaqədar olaraq, heç bir üsyanın baş verəcəyi təsəvvürə belə gəlmir. Şarl Missmerin məktubunun fars dilində tərcüməsini çap etdirib və Qafqazın müsəlmanlar yaşayan bütün vilayətlərində yayıb, bütün savadlı müsəlmanlardan bu məktub barədə cavab almaq istəyirəm. Görək nə yazacaqlar. Nə edim, rahat otura bilmirəm?! Siz də “Kəmalüddövlə”ni çap etmək haqqında bir tədbir görün! Əgər sizin hörmətli atanız İstanbuldadırsa, məndən ona dostluq salamı yetirin! O, gənclikdə məni görmüşdür və Hafizin divanının bir nüsxəsini mənə bağışlamışdır. Bilmirəm o, bunu unutmuşdur, ya yox? Lakin onun bağışladığı kitab indiyə qədər əlimdədir, hər zaman oxuduqda onu xatırlayıram. Sizin adınıza Mirzə Yusif xandan bir məktub gəlmişdi, həmin zərfin içində onu sizə göndərirəm. Qardaşınız Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 8 mart 1872-ci il * * * Mirzə Melkum xana 1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti Ruhi-rəvanım, Ruhül-qüds! Bu nə xətdir ki, mülahizə üçün mənə göndərmişsiniz? Məqsədinizi anlamıram və bilmirəm qərəziniz nədir? Bu, həmin xətt, həmin şəkillərdir ki, bizim varımızdır. Yəni özümüzün dörd cür hürufat şəklindən biridir ki, zəhləm onların üzündən gedir! Barı, kağız da yazmamısınız ki, bu müqəddimənin dalınca nə fikirdə olduğunuzu aydın bilək. Hər halda, mən öz fikrimi sizə deyirəm, qulaq asın! Cənab Ruhül-qüds! İstanbulda bir dostum var ki, onu canımdan əziz tuturam, adı Melkum xandır. Həmin Melkum xan bir neçə müddət bundan qabaq, Hacı Şeyx Möhsün xanın qardaşı Məhəmmədağanın vasitəsilə Şarl Missmer adlı bir nəfər fransız aliminin bütün yer üzü xalqlarının əlifbaları barədə fikir və tədqiqatının nəticəsi olan bir şərhi mənə göndərmişdir. Həmin alim xətləri üç qismə bölmüşdür: heroqlif, sillabi və alfabeti. Heroqlif çinlilərin yazısıdır. Silla bi bizim xəqtimizdir ki, sağdan-sola yazılır. Alfabeti avropalıların xəttidir ki, soldan-sağa yazılır. Həmin fransız alimi bu üç növ əlifba haqqında danışarkən, çox düzgün və qəti dəlillərlə alfabeti əlifbanın heroqlif və sillabi əlifbalardan üstünlüyünü sübut edir. Afərin belə alimə! Hazırda mən bu alimin sözünü hər cəhətdən təsdiq edirəm və onun fikrini hər cəhətdən üstün tuturam. Soldan-sağa yazılıb-oxunan sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil olan və bütün nöqtələri atılmış olan alfabeti əlifbadan başqa, heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəyəm. Əgər islam xalqları alfabeti xətti Şarl Missmerin söylədiyi tərzdə və keçmişdə Melkum xanın tərtib edib, mənim mülahizəmə göndərdiyi şəkillər əsasında qəbul edərlərsə, məqsəd əldə edilə bilər. Əgər belə olmazsa, qoy, qiyamətin gününə qədər özlərinin köhnə sillabi əlifbası ilə birlikdə sırf cəhalət girdabında qalsınlar. Vəssalam, nəğmə tamam! Cənab Ruhül-qüds! Olmaya, siz Melkum xanı tanımırsınız və Şarl Missmer əhvalatını bilmirsiniz? Yoxsa siz alfabeti yazını görməmişsiniz? Elə isə, xahiş edirəm Şarl Missmerin şərhini oxuyasınız! Cənab Ruhül-qüds! Zarafatı bir yana qoyaq! Nə üçün əvvəlki əqidənizdən əl çəkirsiniz? Nə üçün millətimizin müxalifətindən qorxursunuz və çalışırsınız ki, min cür fənn və hiylə ilə müasirlərimizin təbiətinə nüfuz edəsiniz? Bəlkə də, bu fənn və hiylədən məqsədiniz soldan-sağa yazılıb-oxunan və keçmişdə hərflərinin çox gözəl və səliqəli şəkillərini düzəldib, nəzərdən keçirmək üçün mənə göndərdiyiniz alfabeti əlifbanı müxtəlif tədbirlər vasitəsilə yavaş-yavaş millətin boynuna bağlamaqdır? Əgər belədirsə, mən sizin məqsədinizə qol çəkirəm. Əgər elə bir fikriniz var ki, axmaqların və korların xatirinə, anlamazlara yaltaqlanmaq üçün yenə də sillabi xətti saxlayasınız, işin əvvəlində bəzi yersiz vahimələr üzündən mənim etdiyim kimi, bir sıra islahatla sillabi xətti mühafizə edəsiniz, o zaman mən sizin fikrinizə şərik deyiləm! İxtiyar sahibisiniz, nə istəyirsiniz edin! Yaxşı ki, mənim ilk təşəbbüsüm nəticəsiz qaldı. İndi çox şadam ki, o xətti qəbul etmədilər. Mən də Şarl Missmerin şərhinin farsca tərcüməsini nəşr etdirəcək və onun fikrini müdafiəyə çalışacağam. Yəqinimdir ki, müasirlərimiz bununla razılaşmasalar da, şübhəsiz ki, xələflərimiz bu fikri təsdiq edəcək və məndən sonra onu sözdən əmələ keçirəcəkdirlər. Vəssalam. Cənab Ruhül-qüds! Deyirlər ki, sizi İrana dəvət ediblər. Deyirlər ki, siz yaxın günlərdə Tiflis yolu ilə keçib İrana gedəcəksiniz. Əgər Tiflisdə başqa mənzildə düşməyi nəzərdə tutmamışsınızsa və əgər buradan keçib gedərkən mənim evimdə mənzil etsəniz, son dərəcə sevincimə səbəb olarsınız. Sizin kimi əziz və qiymətli bir qonağa hər cür hörmət və qonaqpərvərlik qaydalarını yerinə yetirmək mənim tərəfimdən layiqincə icra olunacaqdır. 1872-ci il, mart ayının 29-da Tiflisdə, qar- daşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Əli xana İranın sabiq konsulu Əli xana Tiflisdən Tehrana yola düşdüyü zaman yazılmış məktubun surəti Mənim əzəmətli ağam, səadətiniz daimi olsun! Dünən Rəsul mənə yazmışdır ki, təzə konsul gəlmiş və cənabınız yola düşmək fikrindəsiniz. Vəba naxoşluğunun qorxusundan şəhərə gəlməyə və cənabınızla görüşməyə cəsarət etmirəm. Buna görə də həmin məktubumla bu xüsusda sizdən üzr istəməyimi özümə vacib bir iş hesab edirəm. Üç ya dörd ildir ki, sizinlə bir yerdə olub, söhbətlərinizdən ləzzət aparırdım, duz-çörəyinizi yeyərək, əvvəllərdə heç kəsdən görmədiyim hörməti sizdən gördüm. Doğrudur, mən sizdən qabaq sizin vəzifənizdə çalışan şəxslər haqqında da dostluq qaydalarına riayət edib, bir dəqiqə də olsun köməyimi onlardan əsirgəməzdim. Mən sizin böyük qonaqlıqlarınızda və bayramlarınızda həmişə iştirak edirdim. Halbuki sizdən qabaqkı konsulların bəziləri ilə çox yaxın dost olmağıma baxmayaraq, onlar belə bir mehribanlığı həmişə məndən əsirgəyirdilər. Bu qədər cavanmərdlik, paktiynətlik, xoşsifətlik və dostluq müqabilində qəlbən sizə təşəkkür edib, sizinlə ayrılıram. Nə qədər ki sağam, sizin adınızı həmişə yaxşılıqla yad edəcəyəm. Mənə halal edin! Sağ və səlamət gedin və məqsədinizə çatın! Allah sizi ömür və səadətdən sarı muradınıza çatdırsın! Sonsuz dərəcədə üzr istəyirəm ki, mənim təbiətimdən irəli gələn bəzi səbəblərə görə məlumunuz olan əsəri sizə göstərib, özümü sizə tanıtdıra bilmədim. Ancaq xahiş edirəm ki, fikrinizə başqa şey gəlməsin! Mən sizdən deyil, başqalarından qorxurdum. Sağlıq olsa, əgər siz London şəhərinə və xarici ölkələrdən bir başqasına qulluğa təyin edilsəniz, şübhəsiz ki, o əsərin üzünü köçürtdürüb, rus poçtu vasitəsilə mütləq xidmətinizə göndərəcəyəm. Əlifba haqqında Tehrandan cavab gəlməməsinə dair cənabınıza başağrısı vermək istəmirəm. Çünki mən bu arzudan tamamilə əl çəkmişəm. Lakin Mirzə Melkum xanın əlifbanı dəyişdirmək haqqında yazdığı kitabçanı Tehranda maarif nazirinə, xarici işlər nazirinə və başqa dövlət başçılarına oxumağınızı xahiş edirəm. Osmanlı dövlətinin sədr-əzəminin bu xüsusda yazdığı cavabı Melkum xanın mənim adıma yazdığı məktubdan şəxsən oxuyub xəbərdar olarsınız. Bu cavabı da İranın dövlət başçılarına söyləyin ki, onlar bu məsələ haqqında səhv etdiklərini anlasınlar. Sizin tanıdığınız mənim düşmənimə gəlincə, bilirsiniz ki, o, şəxsiqərəzlik və fitri xəbisliyi üzündən haqsız olaraq məni din və dövlətin düşməni adlandırır. Mən din və dövlətin düşməni deyiləm. Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir insanam. Bəlkə də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm. “Kaf-ha-ya-əyn-sad” surəsini Hacı Əbülfəzlin hüzurunda sizin üçün mən şərh etdim. Siz ki, məni yaxşı dinlədiniz. Mən öz uşaqlarımı və xələflərimi də bu əqidədə tərbiyə edirəm. Onlar da mənim əqidəmdə olacaqdırlar. Məqsədim islam dinini rədd etmək deyildir. Belə bir bəd əməldən Allaha pənah aparıram. Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şən və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir. Bu yolda atacağımız birinci addım köhnə islam əlifbasını dəyişdirməkdir. Təəssüf ki, Mirzə Melkum xanın yazdığı və sizin özünüzün oxuduğunuz kimi müasirlərim mənim sözlərimi anlaya bilmirlər. Öz xəttimlə yazmış olduğum bu məktubumu cırıb tələf etməyin! Sandıqçanızda saxlayın, mən öldükdən sonra məktub sizin əlinizdə əntiqə bir yadigar olacaqdır. Ömrümdən bir şey qalmamışdır. Müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm. Allah sizi hifz etsin! Rəştdə Mirzə Əbdülvahab xan cənablarına məndən çoxlu salam yetirin! Onunla görüşməkdən aldığım zövq və ləzzəti hələ də unutmamışam və heç bir zaman unutmayacağam. Sizin həqiqi dostunuz və sizə ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1872-ci il, 22 sentyabr. Qocur yaylağında * * * Nikolaiyə Keçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti 1872-ci il dekabrın 6-da Tiflisdən Əziz ağam, səadətin daimi olsun! Sizin kəmalınızın vəsfini çox adamdan eşitmişəm. Xüsusilə bu yaxın zamanda başqa yazılarımda Ruhül-qüds adlandırdığım cənab Nazimülmülk Mirzə Melkum xan sizin fəzilətlərinizi mənə sayaraq, necə ki, lazımdır, sizi mənə tanıtdırdı. Buna görədir ki, qiyabi olaraq sizinlə tanışlıq və dostluq etmək istəyirəm. İranın hazırkı vəziyyəti və islam dininin təsiri barədə hikmət və filosofluq üsulunda yazmış olduğum “Kəmalüddövlə” əsərimi də sizə göndərməyi arzu edirəm. İstəyirəm ki, onu Fransada çap etdirmək və bütün Avropa dillərinə tərcümə etdirməyin hüquqlarını tamamilə sizə verib, kitabı yaymaq və satmaq yolu ilə əldə ediləcək qazancı da bütünlüklə sizə həvalə edim. Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərq ölkələrinin heç bir yerində çap etdirmək işində azad deyiləm. Avropada çap etdirmək üçün isə lazımi imkan və vəsaitim yoxdur. Sizə bildirirəm ki, bu əsər Avropa müəlliflərinin əsərləri üslubunda yazılmışdır, onu ancaq Avropada çap etdirmək mümkündür. Şərqin islam ölkələrində bu əsəri yaymağı isə ancaq Avropa alimləri və mütəfəkkirlərinin əli ilə icra etmək olar. Mən kitabın həm orijinalda, həm də tərcümədə satılmasından əldə ediləcək qazancı tamamilə və həm də könüllülük və razılıq hissi ilə sizə bağışlayıram. Əgər siz özünüz o qazancdan bir hissəsini mənə verməyi lazım bilsəniz, əlbəttə, o, sizin şəxsi nəcabətinizə bağlıdır. Mən o hissənin miqdarını sizin öz insafınıza qoyuram. Bu barədə bir söz demirəm və sizinlə heç bir şərt bağlamıram. Mənim əsas məqsədim bu əsəri həm farsca, həm fransızca, həm də başqa Avropa dillərində çap etdirməkdən ibarətdir. Mən özüm rus dilindən başqa Avropa dillərindən heç birisini bilmirəm. Mənim yeganə arzum budur ki, həmin əsər Avropa dillərinə tərcümə edilsin, tərcümələr də heç bir dəyişikliyə və təhrifə yol verilmədən əslində yazıldığı üslubda çap edilsin. Əgər mənim təklifim sizin ürəyinizcə olarsa, tezliklə mənə cavab yazın və bildirin ki, əsəri nə vasitə ilə və kim ilə sizə göndərə bilərəm. İcazə verin, əsəri əvvəlcə sizə göndərim, oxuyun, əgər onu bəyənsəniz, mənim təkliflərimi yerinə yetirməyə başlayarsınız. Əks təqdirdə, mənim sizə heç bir təklifim yoxdur. Əsərin orijinalında mənim adım çəkilməməlidir. Çünki mən hələ məqsədimi başa düşməyən öz həmdinlərimin mənə qarşı ədavətindən xatircəm deyiləm. Lakin tərcümələrdə adımı açıq-aydın yaza bilərsiniz. Əgər əsəri sizə göndərməli olsam, onunla birlikdə tərcümeyi-halımı da göndərə bilərəm. Bu tərcümeyi-haldan bilərsiniz ki, mən istər dram, istərsə də tənqid və başqa mövzularda yazılmış bir çox əsərlərin müəllifiyəm. Həmin tərcümeyi-halı əsərin tərcümələrinin əvvəlində çapa verə bilərsiniz. Öz adınızı, ləqəbinizi, vəzifənizi və Parisdə yaşadığınız yerin adresini mənə yazın. Tiflisdə Qafqaz canişini qrandukun mü- tərcimi kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 6 dekabr 1872-ci il. * * * “Həqayiq” qəzeti redaktoruna 1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna Mənim əziz qardaşım, səadətiniz daimi olsun! 1280-ci ildə mən İstanbula gəlib, islam xalqlarının hazırkı əlifbasını dəyişdirmək haqqında öz fikrimi mərhum Sədr-əzəm Fuad paşa cənablarına söylədim. Onun əmrinə görə bu məsələni Osmanlı Cəmiyyətielmiyyəsində müzakirə etdilər. Lakin bəzi maneələr və çətinliklərə görə mənim fikrimə icazə verə bilmədilər. 4 ya 5 il bundan qabaq mən bu məsələni təzələyib, mərhum sədrəzəm Ali paşaya Tiflisdən başqa bir layihə göndərdim. Mənim fikrim bu dəfə də nəticəsiz qaldı. O tarixdən bu günə qədər bu məsələ tamamilə unudulmuşdur. İslam xalqlarının hazırkı əlifbasını dəyişdirməkdən məqsədim, elmləri və sənətləri öyrənmək vasitəsini asanlaşdırmaq idi ki, bütün islam xalqları istər şəhərli, istər kəndli, istər oturaq, istər köçəri olsun, qadınlıkişili, prus xalqı kimi savad öyrənməyə, elmlərə və sənətlərə yiyələnməyə imkan taparaq, tərəqqi yoluna qədəm qoyub, mədəniyyət aləmində yavaş-yavaş özünü avropalılara çatdırsın. Təəssüf ki, həmin fikrim baş tutmadı və islam xalqlarının başçıları tərəfindən öyrənilmədi. İslam xalqlarının başçıları işin əslindən xəbərsiz olub, ikinci dərəcəli işlərlə məşğuldurlar. Onlar ikinci dərəcəli məsələləri birinci dərəcəli məsələlərdən üstün tuturlar. Buna görə də bütün islam xalqları elmləri və sənətləri öyrənmək işində dünya durduqca Avropa əhalisindən geridə qalacaqlar. İndi heyfsilənmək artıq nəticə verməz. Mən bütün xalqın tərəqqisi və hamının maariflənməsindən gözümü çəkməyə məcbur olmuşam. İndi mən seçilmiş adamlara müraciət edirəm. Ona görə də sizdən soruşuram: Bu seçilmiş adamların özlərinin elm və mərifət sahibi olması lazımdır, ya yox? Yəni siz, islam xalqlarının heç olmazsa, seçilmiş adamlarının Avropa əhalisinin malik olduğu elm və sənətlərdən faydalanmasını lazım bilirsiniz, ya yox? Şübhə yoxdur ki, siz bu suala “xeyr” deyil, “bəli” cavabını verəcəksiniz. Sizdən “bəli” cavabı eşitdikdə, başqa bir sual ortaya çıxır: Siz bu seçilmiş adamların Avropa xalqlarının elm və sənətlərini hansı vasitə ilə öyrənməsini əlverişli hesab edirsiniz? Yəni onlar bu elmi Avropa dillərində öyrənməlidirlər, yaxud ərəb, türk və fars dillərindən ibarət olan öz dillərimizdə? Əgər seçilmiş adamlar Avropa elmlərini və sənətlərini Avropa dillərində öyrənməyə iqdam edərlərsə, işin çətinliyi bir yana qalsın, nəticəsi də faydasız olacaqdır. Ona görə ki, bizim seçilmiş adamlarımız fransız və ya ingilis dilində öz fikirlərini və biliklərini öz həmvətənlərinə başa salıb, anlada bilməyəcəklər. Buna görə də islam xalqları öz seçilmiş adamlarının malik olduğu elm və sənətlərdən faydalanmaq üçün həmişə fransızlara və ingilislərə möhtac olacaqdırlar. Onlar bu millətlərin nümayəndələrini öz vətənlərinə dəvət etməyə və başladıqları hər bir işə ancaq onların köməyi ilə əncam verməyə məcbur olacaqlar. Bundan başqa, belə bir vəziyyətin bir neçə daha ciddi və böyük çətinliyi və zərəri də vardır ki, onları söyləmək sizin fikrinizə və hümmətinizə həvalə olunur. Çünki siz qəzet redaktorusunuz. Belə isə, bu üsulun faydası azdır. Başqa və daha yaxşı üsul ondan ibarətdir ki, islam xalqları avropalıların akademiya adlandırdığı bir elm evi təsis edib, həmin elm evində ən görkəmli, alim və fazil adamlardan lazımi qədər üzvlər təyin etsinlər. Avropa elmləri və sənətlərinə dair bütün kitabları ərəb, türk və fars dillərinə tərcümə etməyi bu şəxslərin öhdəsinə qoysunlar. Belə olarsa, islam xalqlarının seçilmiş adamları bütün elmləri və sənətləri öz dillərində və görkəmli müəllimlərdən öyrənə bilərlər. Lakin bu üsulun da özünəməxsus başqa bir çatışmayan cəhəti vardır. Məsələn, Avropada məruf olmayan şəxs adları bir çox elmi istilahlar, yer və ölkə adları vardır ki, onları islam xalqlarının əsas dilləri olan üç dildən birinə tərcümə etmək çətindir, buna görə də onlar olduğu kimi saxlanılmalıdır. Xüsusilə təbabət, fizika, kimya və başqa bu kimi elmlərdə olan bir çox istilahlar vardır ki, islam dillərində onların qarşılığını tapmaq mümkün deyildir. Bundan başqa o kəlmələri və istilahları olduğu kimi yazmaq, hazırkı islam əlifbası üçün imkan xaricindədir. Yəni söylədiyim istilahları hazırkı əlifbamızda, hətta fəthə, kəsrə və zəmmə işarələrini işlətsək belə, səhvsiz, nöqsansız, düzgün oxumaq mümkün deyildir. Bütün bunları nəzərə alaraq, siz bu cür əcnəbi istilahların yazılıb oxunmasını asanlaşdırmaq üçün hazırkı islam əlifbamıza ayrıca və çox asan bir əlifba əlavə etməyi məsləhət görərsinizmi? Əlbəttə, bu şərtlə ki, hazırkı islam əlifbamız əsla dəyişilməyəcək və bütün islam kitabları olduğu kimi qalacaq, hətta çap edilən yeni kitablar da hazırkı əlifba ilə nəşr ediləcəkdir. Ancaq bu yeni kitablar yazılarkən, əcnəbi dillərdən alınan istilahlar və kəlmələr əslində olduğu kimi, yeni əlifba ilə köçürüləcəkdir ki, onların oxunması və tələffüzü düzgün, asan və anlaşılan olsun. Məsələn, Yer kürəsinin hərəkətdə olduğunu birinci olaraq Kopernik kəşf etmişdir. Monte-Kristo adası filan dənizdədir, Şpits-Bergen adası Atlantik okeanındadır. Avstraliya beşinci qitə adlanır, İngiltərə dövləti iki parlamentdən ibarətdir. Avropalıların vapor adlandırdığı buxar gəmilərini hazırlamaq zəruri işdir. Mən filan qəzetə abunə yazılmışdım. Bu kimi cümlələrdə Kopernik, Monte-Kristo, Şpits-Bergen, Avstraliya, parlament, vapor, qəzet, abunə sözlərini yeni əlifba ilə yazacağıq. Bundan başqa, əcnəbi dillərdən bizim dillərə daxil olan kəlmələrin xüsusi lüğətini tərtib edib çap etməliyik. Öz lüğət kitabımızda da məsdərləri və isimləri hazırkı əlifba ilə yazdıqdan sonra həmin isimləri və məsdərləri yeni əlifba ilə də yazmalıyıq ki, onların oxunmasında hansı saitin işlənməsi düzgün təyin edilsin və beləliklə də, bu saitləri xüsusi qeyd etməyə ehtiyacımız olmasın. Yeni əlifba elə tərtib edilməlidir ki, onu öyrənmək və yazmaq üçün iki-üç həftədən artıq vaxt itirməyək. Elə etmək lazımdır ki, bu əlifba qəbul və təsdiq edildikdən sonra onun heç bir hərfi başqa bir şəklə salınmasın. Hal-hazırda mövcud olan nəsx, təliq, şikəstə, reyhani və ayrı-ayrı xətt qaydaları tamamilə köhnə yazımızda qalsın ki, onları öyrənmək üçün yazıq şagirdlərin əziz ömrünün bir neçə ili boş yerə tələf olmasın. Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan-sola yazmaq olar. Hər iki əlifbanın surətini ayrıca kağızlara köçürüb, sizin xidmətinizə göndərirəm. Xalqın fəzilət sahibi olan nümayəndələri bu hərflərdən hansını bəyənməzlərsə, onun əvəzində yeni və daha xoşagələn hərflər qəbul etməyə haqlıdırlar. Əgər bu iki cür əlifbadan heç birisi onların xoşuna gəlməzsə, sizə ixtiyar verilir ki, mənim nəzərdə tutduğum şərtlərə riayət etməklə, daha yaxşı və daha asan olan üçüncü növ əlifba düzəldəsiniz. Şərtlər bunlardan ibarətdir! Birincisi – bütün nöqtələr hərflərin üstündən və altından atılmalıdır. Çünki onlar oxunuşda səhvlərə, yazıda vaxtın itməsinə, nəşriyyat işində isə çətinliyə səbəb olurlar. Bir dəfə mən dostlarımdan birinə məktub yazmışdım. Məktubun sonunda ayın və günün tarixini qeyd etmək istədim. Təsadüfən, o gün pəncşənbə günü idi. Lakin kağızda yer qalmamışdı, mən pəncşənbə sözünü birtəhər yerləşdirdim. Lakin nöqtələr üçün yer qalmadı, nöqtələri yerləşdirmək işində aciz qaldım, ürəyim elə sıxıldı ki, qələmi tulladım, məktubu “pəncşənbə” sözünə nöqtələri qoymadan göndərdim və kufi xəttini hazırkı zalım xətlə əvəz edən İbn-Muqləyə min lənət oxudum. Çünki nöqtələri icad edən və bizi bu bəlaya salan o olmuşdur. Bütün nöqsanlarına baxmayaraq, kufi xəttin heç olmazsa, nöqtələri yox idi. İkincisi – sait hərflər, yəni erab, sözlərin tərkibində mütləq samit hərflərin sırasına daxil edilməlidir. Üçüncüsü – hər bir hərfin ancaq bir şəkli olmalıdır və başqa cür şəkillərə salınmamalıdır. Bir halda ki, bizim hazırkı sillabi əlifbamızın hərflərindən hər birinin dörd şəkli vardır və bundan başqa yeri gəldikcə bir şəkildən başqa şəklə salınır, beləliklə də yazıq balalarımızı olmazın çətinliklərə düçar edir. Buna görə də mən həmin məktubumun əvvəldən axıra qədər tərcümə edilib, qəzetinizdə çap etdirilməsini cənabınızdan xahiş etməklə bərabər, ümid edirəm ki, bu məsələnin zəruri olmasına dair sizin öz fikrinizə gələn mülahizə və təsəvvüratınızı da yazasınız. Əgər islam xalqlarının başçıları mənim məsləhətimi qəbul edərlərsə, muradıma çatmış olaram. Əks təqdirə, əgər qəbul etməzlərsə, mənim üçün bu təsəlli də kifayət edər ki, bəşəriyyət qarşısında öz vəzifəmi yerinə yetirmişəm. Belə bir təklifin irəli sürülməsində mənə heç bir şəxsi-qərəzlik təsir etməmişdir. Bu işdən heç bir mənfəət də görməmişəm. Əgər bu işdə mənfəət varsa, qoy o mənfəəti yeni əlifbanın qəbulu uğrunda hümmət sərf edən adamlar aparsınlar! Qoy bu mənfəəti o adamlar aparsınlar ki, mətbəələrdə yeni şriftlər tökməklə məşğul olub, yeni əlifbanı düzəldəcək və onu həyata keçirəcəklər. Soruşacaqsınız ki, bəs nə üçün 15 ildir ki, islam əlifbasını dəyişdirmək uğrunda çalışıb-çapalayaraq, hey İrana və Osmanlı ölkəsinə layihələr göndərirəm? Düzünü deyim: sakit dayanıb baxa bilmirəm. Yəni, bacarmıram ki, bütün dünya xalqlarının elmdə, sənayedə gündən-günə tərəqqisini gördüyüm halda, hətta mədəniyyət dairəsinə qədəm qoyub, öz heroqlif əlifbasını tərk etmək qərarına gələn yaponları gördüyüm halda, təkcə təlim və tərbiyə vasitəsi olan əlifbanın çətinliyi üzündən geridə qalan islam xalqlarının əhvalına yanmayım. Vəssalam! Cavab gözləyirəm. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə 1290-cı il, hicri, [1873] Tiflis şəhəri * * * Nikolaiyə [Müsyö Nikolaiyə] Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun! Sizin məhəbbətlə dolu məktubunuz yetişdi. Sonsuz sevincimə səbəb oldu. Birinci, siz kitablarınızı yanında qoyduğunuz kitabsatanı Tiflisdə tapdım. Onun adı Bernştamdır. Deyir ki, sizin kitablarınızdan heç birisi satılmayacaqdır. Əgər siz şəxsən məktub yazsanız, o kitabları hər kəsə desəniz, ona təhvil verəcəkdir. Erməni həkimi də tapdım. Onun adı da həkim Yevanesyandır. Doğrudan da ağıllı adamdır. Çox üzr istəyir ki, bu xüsusda başısoyuqluq edib sizə xəbər verməmişdir. Hər halda, tapşırığınızı bu qədər yerinə yetirə bilmişəm. İndi isə başqa mətləbə keçək! Mənim əziz qardaşım! “Kəmalüddövlə” o əsərlərdən deyildir ki, onun məzmunu böyük bir təəssüblə xaçpərəstlik dinini yayıb, başqa dinləri təkzib edən adamların xoşuna gəlsin. Bu xüsusda həmin adamlarla danışmaq heç caiz deyildir. Lakin mənim zənnimcə, əgər bu əsər fransız dilinə tərcümə edilərsə, Avropa oxucularının nəzərində Renanın əsərləri kimi hörmət qazanacaqdır və mən çox güman edirəm ki, mətbəə sahibləri özləri sizə tərcüməni çap etmək üçün 20 min frank və daha ziyadə-pul verərək, çap haqqını onlara verməyinizi xahiş edəcəkdirlər. Eyni zamanda, onlar böyük bir məbləğ də sizə verəcəkdirlər ki, əsəri farsca çap etmək imtiyazını da alsınlar. Əziz qardaşım! Nə mənim güman etdiyim böyük mənfəət haqqında, nə də sizin güman etdiyiniz kimi, bu əsərin tərcüməsindən heç bir fayda çıxmayacağına dair olan təsəvvürlər haqqında heç bir hökm vermək olmaz. Yəni bizim təsəvvürlərimiz ancaq ehtimala əsaslanır. İşin əsli isə hələlik bizə məlum deyildir. Belə isə mənfəət məsələsinin müzakirəsi hələ təxirə salınmalıdır. İndi mən əsəri verdim ki, gözəl və aydın xətlə yazsınlar. İnşallah bu iş qurtardıqdan sonra gələn ilin may ayında mənimlə tanış olan bir şəxs Tiflisdən Parisə yola düşəcəkdir. Əsəri sizə çatdırmaq üçün ona verəcəyəm. Siz əvvəlcə onu oxuyun və məzmunu ilə tanış olun. Əgər onun tərcümə edilməsindən əlinizə bir mənfəət çatacağına əmin olsanız, tərcüməyə başlayın. Çünki bu zəhmət mənfəətsizdir. Mənfəətsiz bir işi mən özüm belə sizə məsləhət görməzdim. Əgər əsəri oxuduqdan sonra onu tərcümə etmək tərcümənin və əslinin çap edilməsindən bir mənfəət əldə edəcəyinizə ümidiniz olmazsa, özünüzü zəhmətə salmayın, əsəri həmin şəxsin vasitəsilə geri göndərin! Siz mənfəətsiz zəhmət çəkməməlisiniz. Bu, mənim üçün də xoş olmaz ki, sizə müftə zəhmət verib, belə bir təklif edəm. Əgər əsərin tərcüməsindən və ya əslini çap etdirməkdən sizə bir mənfəət çıxarsa, tərcüməyə başlayınız və tərcüməni qurtardıqdan sonra Fransada mövcud olan qanunlar əsasında, əsəri sizə gətirən şəxs ilə birlikdə (bu şəxsin əlində mənim tərəfimdən vəkalətnamə də olacaqdır) mətbəə sahibi ilə müqavilənamə bağlayın. Həmin müqavilənamədə göstərilsin ki, əsəri bir dəfə və ya bir neçə dəfə əslində, ya tərcümə edilmiş şəkildə çap etmək hüququ mətbəə sahibinə verilir və bunun müqabilində o, sizə və mənim vəkilimə filan qədər pul verir. Vəssalam! Məktubun sonunda bunu da qeyd etmək istəyirəm ki, mənim bu əsəri Renanın əsərinə oxşatmaqdan məqsədim, onun mətnində, Allah göstərməsin, İsa dini əleyhinə fikirlərin olması üzündən deyildir. Burada İsa dini əleyhinə bir kəlmə də yazılmamışdır. Mənim bu oxşatmağım ancaq əsərin məzmunu münasibəti ilə olmuşdur. Sizin qardaşınız kolonel Mirzə Fətəli Axundzadə 15 iyun, 1873-cü il, Tiflis * * * Qeyd 18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm. Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin. * * * Mirzə Yusif xana Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti Əzəmətli ağam, səadətiniz daimi olsun! Əvvəla, mən və Şeyxülislam sizin nəbül-vəzarə vəzifəsi ilə Təbrizə varid olmağınızı təbrik edirik! Allaha şükür ki, sizə dostların istəyincə layiqli bir vəzifə qismət oldu. Sizin evinizi dövlətə satmaq barəsində, mənim xahişimlə Mirzə Əsədulla xan Xarici İşlər Nazirliyinə vəkalətnamə göndərmişdi. Mən isə xüsusi məktubla sizi əhvalatdan xəbərdar etmişdim. Bəs bu tədbirin nəticəsi nə oldu? Mənim köhnə dostum olan Ağa Qalust Şermazanov bu günlərdə Təbrizə gələcəkdir. O, sizin evin əhvalatı ilə tanışdır. Ona tapşırmışam ki, məsələni ətraflı surətdə sizə danışsın. Buralarda elə bir yeni əhvalat baş verməmişdir. Osmanlı elçisi Münif əfəndinin gəlməsini gözləyirik. Yanvarın 1-dən burada şiələrin və sünnilərin ruhani idarəsinin sədri Şeyxülislamdır. Sünni ruhani idarəsinin sədri isə sabiq Şamaxı qazisi müfti Hacı Həmid əfəndidir ki, inişil vəfat etmiş müfti Məhəmməd əfəndinin yerinə keçmişdir. Cənab Ruhül-qüdsü bu dəfə Tiflisdə olduğu zaman, gündə iki dəfə görüb söhbətindən feyziyab olurduq. Ürəyimdəkiləri izhar etmək üçün qələmə icazə vermirəm. “Ay gözəldir, lakin sənin üzün ondan da gözəldir, sərv könül oxşayandır, lakin sənin qəddin onda da könül oxşayandır”. Bütün tənzimat və yeniliklər yaxşıdır. Lakin əsassızdır, bünövrəsi yoxdur, davamsızdır, müvəqqəti işdir. Bir neçə gündən sonra alt-üst olacaqdır. Elm və maarif yuxarıdan tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər xalqın bütün təbəqələri arasında müstəsnasız olaraq yayılmalıdır. Çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin malik olduqları imkana və bacarığa malik olmalıdırlar. Bütün xalq dövlət başçılarının gördüyü tədbirlərdə iştirak etməlidir. Əfsus, əfsus! Siz bu dərəcəyə nə zaman çatacaqsınız? Hələlik, eybi yoxdur, bir para uşaq əyləncələri ilə könlünüzü şad edin! Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi əsası elmləri inkişaf etdirmək və Kəmalüddövlənin fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır, bəlkə də belə bir ehtimal fərz edək ki, dəmiryol get-gedə əlifbanın dəyişdirilməsinə, elmlərin inkişafına və Kəmalüddövlənin fikirlərinin yayılmasına bais olacaqdır. Eh! Mənə nə! Vallah bu fikirlərdən təngə gəlmişəm. Bundan sonra daha bu kimi məsələlərdən danışmayacağam. Nə olursa olsun, müasirlərimin nadanlığından, türklər demişkən, zəhləm gedir! Ağa Qalustun da Təbriz yaxınlığında Zincənab və Mən cənab adlı iki para kəndi vardır. Elə zənn edirəm ki, o da sizin evinizi almağa meyl göstərə bilər. Mən bu barədə ona bir söz deməmişəm. Özünüz bu barədə söz salın. Əgər mayil olsa, evi kəndlərlə dəyişdirə bilərsiniz. Mirzə Fətəli * * * Tehranın xarici işlər nazirinə Tehranın cəlal sahibi xarici işlər Nazirliyinin rəisi cənablarına qayibanə salam yetirib, həmin türkcə “Təmsilat”ı yadigar olaraq hədiyyə göndərirəm 1873-cü il, dekabr ayında İslam əlifbasını dəyişdirmək arzusu ilə axirət səfərinə hazırlaşmışam. Yəni qocalmışam. Əfsus ki, nə Rumda, nə də İranda xalqın başçıları islam millətinin tərəqqisi xatirinə əlifbanı dəyişdirmək işinə əl qatmaq istəmədilər ki, bu vasitə ilə də həmin iki ölkənin əhalisi, kişili-qadınlı bir neçə ayın müddətində hamılıqla savadlı olsunlar, bu yol ilə də Avropanın hazırkı elmlərinə dair bütün əsərlər bir neçə ilin ərzində müsəlman xalqlarının dillərinə tərcümə edilsin və biliklərin yayılması sayəsində də islam xalqları üçün səadət və bəxtiyarlıq dövranı başlansın! Əlifbanı dəyişdirmək çox sadə işdir. Birinci, hərflərin vahid şəklindən başqa digər şəkilləri olmamalıdır. İkinci, samit hərflərdən bütün nöqtələr atılmalıdır. Üçüncü, sait hərflər, yəni hərəkələr hamısı sözlərin tərkibində samit hərflərin yanında yazılmalıdır. Dördüncü, sözlərin tərkibində bitişən hərflər bitişməyən hərflərlə əvəz olunmalıdır. Bu yolla hər bir uşaq bircə ay ərzində savadlanıb, bütün islami kitabları oxumağa qadir olacaqdır. Məsələn, hər bir hərfin birinci şəkli kəlmələrin tərkibində saxlanılır, yerdə qalan üç şəkli tərk edilir. Bu nümunədə göstərilən kimi: “Təqdir qələmi illər uzunu sənin qamətini çəkdi. Qamətin qiyamət imiş ki, belə tul çəkdi”. Bu, bir nümunədir ki, göstərirəm. İran alimlərinin özləri yuxarıdakı dörd şərtə riayət etməklə, hərflər üçün yeni şəkillər düzəldə bilərlər. Başqa xalqlar dəmiryol və teleqraf yaradıb, İran xalqı isə bir neçə hərfin şəklini də yarada bilmir? Alinəsəb şahzadə Etizadüssəltənəyə deyiniz ki, onun vəd etdiyi həkimanə əsərlərinin və Manukci Sahibdən istədiyim “Əncümənaraye-huşəng” kitabının gəlib çatmasının intizarındayam. Kolonel Mirzə Fətəli Axundzadə * * * Tiflis qubernatoru K.İ.Orlovskiyə ərizə Alihəzrət, Tiflis qubernatoru, gizli müşavir və Kavaler Konstantin İvanoviç Orlovski həzrətlərinə Qafqaz canişini baş idarəsi dəf- tərxanasının mütərcimi polkovnik Mirzə Fətəli Axundzadə tərəfindən Ərizə Mənim 20 yaşlı oğlum Rəşid bəy Axundzadə iki il bundan əvvəl Tiflis klassik gimnaziyasının tam elmi kursunu bitirib şəhadətnamə almışdır. İndi xaricə gedib Belçika krallığının Brüssel şəhərində mühəndis fakültəsinə daxil olmaq istəyir. Bunun üçün ona və onunla birlikdə bizim evdə böyümüş, onu müşayiət edən və oğlum Brüsseldə olduqca onun yanında qalacaq Nəcəf Qafar oğluna xarici pasport verilməsi haqqında sərəncam verməyinizi acizanə xahiş edirəm. Polkovnik Mirzə Fətəli Axundzadə Mənim oğlum 21 [?] yaşlı Rəşid bəyin ona üz vermiş xəstəliyə görə bir il müddətinə xarici tibbi yardıma ehtiyacı var. 8 aprel 1874-cü il, Tiflis * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişini baş idarəsi dəftərxanasının direktoru, həqiqi dövlət müşaviri həzrət-əşrəf Nikolay İvanoviç Baranovski cənablarına 9 aprel 1874, Tiflis Mənim 20 yaşında olan oğlum Rəşid bəy Axundzadə 2 il bundan qabaq Tiflis klassik gimnaziyasının tam kursunu bitirərək, elmləri öyrənməsinə dair lazımi attestat almışdır. Hazırda o, mənim şəxsi himayəmdə xaricə, Belçika məmləkətinin paytaxtı olan Brüssel şəhərinə getmək və oradakı mühəndislik məktəbinə daxil olaraq, bu ixtisası öyrənmək arzusundadır. Buna görə də mən siz zati-aliyə müraciətlə acizanə xahiş edirəm ki, Qafqaz canişini Baş idarəsinin rəis cənabından siz mənim oğlum üçün Belçika sarayındakı rus elçisinin üstünə göndərilən bir tövsiyə məktubu alasınız və bu yolla da bütün təhsil müddətində mənim oğluma iltifat üzündən himayə göstərməsini xahiş edəsiniz. Polkovnik Mirzə Fətəli Axundzadə * * * Əli xana Azərbaycanda xarici işlər müdiri, cəlal sahibi Əli xan cənablarına Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Sizin yeni vəzifəniz mübarək olsun! Çox yaxına gəlmişsiniz. Tiflisdə olduğunuz zaman mənim haqqımda həmişə göstərdiyiniz iltifatları nəzərə alaraq zənn edirəm ki, bir neçə günlüyə sizin ziyarətinizə gəlmək mənə vacib idi. Lakin qocalmışam. Digər tərəfdən isə, sizin dövlətinizin torpağında mənim canımı təhdid edən xətərlərdən xatircəm deyiləm. Buna görə də məni bağışlamalısınız. Sizin gözəl sifətlərinizi vəsf etməklə, təkcə mənim ağzım şirin deyildi. Bəlkə bütün dostlar və sizi tanıyanlar, Tiflisdə bir dəqiqə də olsun sizin adınızı xeyirlə yad etməkdən qəflət etmirlər. “Təkcə sənin gül üzünün vəsfində mən qəzəl söyləmirəm, sənin hər tərəfdə minlərlə bülbülün vardır”. Şah əlahəzrətləri Tiflisdən keçərkən, mən də dövlət başçıları tərəfindən Poti limanına göndərilmişdim ki, orada şahzadələrlə söhbət edib onları yola salam. Orada cənab Müşirüddövlə mənim yanıma gələrək əhvalımı soruşdu və çox mehribanlıq göstərdi. Dedim: – Sərkar sədr-əzəm, mən heç güman etməzdim ki, siz mənim barəmdə bu qədər iltifat göstərmiş olasınız. Soruşdu: – Mirzə Fətəli, nə üçün belə düşünürsünüz? Dedim: – Mümkündür ki, bəzi səhvlər məndə bu fikri oyatmışdır. Dedi: – Mirzə Fətəli, siz mütləq səhv etmişsiniz! Xülasə, bizim aramızda tam sülh və dostluq əmələ gəldi. Dedim: – Sərkar sədr-əzəm, siz sədarətdən ibarət olan arzunuza yetişdiniz. Mən isə əlifbanı dəyişdirməkdən ibarət olan arzuma çatmaqdan hələ məhrumam. Dedi: – Mirzə Fətəli, mən də hələ öz arzuma çatmamışam. Arzuya çatmaq bundan ibarət deyil ki, gəlib baş nazir kürsüsündə əyləşəsən. Axı bu kürsüdə əyləşərkən bir iş görmək lazımdır. Hələ ki, bir iş görməmişəm. Dedim: – Siz hansı şəxslərin köməyi ilə işə iqdam edəcəksiniz? İranda sizin fikrinizə şərik olan heç kəs yoxdur. Əvvəlcə adam hazırlamalısınız, sonra işə başlamalısınız. Bu gün İranda zahirdə nəfəsləri gələn şəxslər, həqiqətdə ölü sayılırlar. Onların qanı soyumuş və hərəkətdən düşmüşdür. Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır. Ondan sonra işləmək asandır. Təzə qan isə yeni əlifbanı qəbul etmək və Avropa elmlərini öyrənməkdən ibarətdir. Güldü və dedi: – Görək nə etmək lazım gəlir... Rəşid xidmətinizə salam yetirir. Üç aydan sonra təhsilini təkmilləşdirmək üçün universitetə gedəcəkdir. Gözümün işığı olan Hüseyn paşanın üzündən öpürəm. Sizi Allaha and verirəm, əvvəl-əvvəl ona fransız əlifbasını öyrənməyi tapşırın ki, islam əlifbasını oxumaqla, bu əlifbanın sayəsində təlim və tərbiyənin birinci mərhələsində təhsildən, türklər demişkən, zəhləsi getməsin. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 10 yanvar 1874-cü il, Tiflis * * * Etizadüssəltənəyə Həzrət-əşrəf və əfxəm, Valanəsəb, şahzadə Etizadüssəltənənin xidmətinə ərz edirəm Allah onun səadətini daimi etsin! Valahəzrətin məktubu yetişdi və başımı ucaltdı və cənabınızın əsərlərindən ibarət beş cild kitab, o cümlədən üç cild “Əfqanıstan tarixi” və iki cild “Fələküssəadə” gəlib çatdı. Bir cild “Əfqanıstan tarixi” və bir cild “Fələküssəadə”ni Şeyxülislam cənablarına verdim. “Əfqanıstan tarixi”nin bir nüsxəsini Mirzə Mustafaya təqdim edib, iki nüsxəsini isə özüm götürdüm. Bu gün ikinci gündür ki, hər gecə Şeyxülislamın mənzilində “Fələküssəadə” kitabını oxumaqla məşğuluq. Onu bitirdikdən sonra “Əfqanıstan tarixi”ni oxumağa başlayacağıq. Şeyxülislam həzrət-əşrəfinizin iltifatı və qayğıkeşliyindən o qədər fəxr edir ki, vəsfini qələmə almaqdan acizəm. “Fələküssəadə”də bəhs olunan məsələlərdən, habelə “Əfqanıstan tarixi”nin mündəricəsindən aydın olur ki, həzrət-əşrəfiniz bir sıra elmlərdə, o cümlədən nücum elmində, hesab, həndəsə, coğrafiya elmlərində fəzilət sahiblərinin hədis və rəvayətləri, habelə ədəbiyyat və dünya xalqlarının tarixi sahədə dərin biliyə maliksiniz. Şeyxülislam deyir ki: “Mən İranı görməmişəm, amma Qafqazın hər yerinə bələdəm. Bütün Qafqaz vilayətlərində istər şiələr və istərsə də sünnilər içərisində şahzadə qədər məlumat, bəsirət və hikmət sahibi, islam xalqları dillərində bu qədər savadlı, fazil və alim adam yoxdur”. Yüksək nəsəbin elmi şərafətlə bir vücudda birləşməsi ən böyük səadət və xoşbəxtlikdir. Xüsusilə də ki, əsər yazmaq istedadına malik olmaq, doğrudan da ümumiyyətlə və islam xalqları arasında xüsusilə nadir hadisələrdən sayılır. Şahzadə! Əvvəllərdə də oxumuş olduğum “Fələküssüəadə”nin əhatə etdiyi məsələlərə görə, həzrət-əşrəfinizə olan ixlasım artmışdır. İndi həzrətəşrəf şahzadə ilə öz fikirlərim arasında artıq ixtilaf görmürəm. İstəyirəm ki, mündərəcəsi hələ indiyə qədər islam aləmində qələmə alınmamış qəribə bir əsərin bir nüsxəsini həzrət-əşrəfinizin xidmətinə göndərim. Lakin onu, həzrət-əşrəfinizin mənə nişan verəcəyi inanılmış bir adam olmazsa, heç kəsə verə bilmərəm ki, sizə çatdırsın. Əsərin müəllifi isə hələlik gizli qalmaqda davam edir. Şahzadə! Həzrət-əşrəfinizdən bir sual etmək istəyirəm: – Nə məqsədlə zəhmət çəkib “Fələküssəadə”ni yazmışsınız? Məgər sizin məqsədiniz bu deyilmi ki, xalq bu kitabın məzmunu ilə tanış olaraq, bundan sonra ulduzların hökmünə inanmasın, münəccimlərin və kahinlərin sözlərinə bel bağlamasın və bu vasitə ilə də cahillərin zümrəsindən xaric olaraq, ariflərin sırasına daxil olsun?! Hazırda bütün Yer kürəsində yaşayan müsəlman xalqlarının sayı iki yüz milyona yaxındır. Zahirən onlardan 14 milyona yaxını İran məmləkətində yaşayır. Başqa ölkələrin əhalisini bir yana qoyaq, bütün İran ölkəsində neçə nəfər “Fələküssəadə”ni oxumaq iqtidarına malikdir? Fərz edək ki, on min nəfər! Lakin həqiqətdə on min deyil, bəlkə min nəfər də buna qadir deyildir. Məgər xalq bu min nəfər, ya on min nəfər adamdan ibarətdir? Gərək bütün İran əhalisi, kişili-qadınlı, “Fələküssəadə”ni və onun məzmununu anlamağa qadir olsun ki, sizin də məqsədiniz yerinə yetsin və zəhmətiniz hədərə getməsin! Avropa camaatı, qadınlı-kişili, beş-altı ilin ərzində hamısı savadlı ola bilərlər. Lakin bizim uşaqlarımız beş-altı il ərzində “Gülüstan”dan və “Bustan”dan hələ baş çıxara bilmirlər. Əlbəttə, belə olacaqdır! Çünki Avropa camaatı elə bir vasitə tapmışdır ki, onun yardımı ilə az bir müddət ərzində savadlanmağı bacarırlar. Bəs nə üçün biz haman vasitəni onlardan öyrənmirik? Bir halda ki, biz onların bütün tərəqqilərini etiraf edirik və onların bütün tənzimatını mənimsəmək arzusundayıq. Az bir müddət ərzində savadlanmağın birinci vasitəsi əlifbanın asanlığıdır. Bizim əlifbamız isə cürbəcür nöqsanlara malikdir. Siz bir məclis düzəldin və bütün dünyada yaşayan xalqların əlifbasını qabağınıza qoyun! Onlardan ən gözəl və ən yaxşı hərflərin şəkillərini seçin, bizim üçün yeni bir əlifba düzəldin və xalqımızı qaranlıqdan işıqlığa çıxarın. Bu işdə beş şərtə riayət edin: Birincisi, hər bir hərf ancaq bir şəklə malik olub, müxtəlif şəkilləri qəbul etməmiş olsun. İkincisi, sait hərflər, yəni erab və hərəkələrin hər birinin xüsusi şəkli olsun və hamısı samit hərflərin yanında yazılsın. Üçüncüsü, nöqtələr bütünlüklə hərflərdən atılsın. Dördüncüsü, kəlmələrin tərkibində hərflər bir-birinə yapışmasın, yəni sözlər ayrı-ayrı hərflərdən əmələ gətirilsin. Beşincisi, yazı işinin sürəti xatirinə əlifbamız avropalıların əlifbası kimi soldan-sağa yazılsın. Köhnə əlifbamız da, dini işlər üçün təkcə din alimləri və ruhanilərin əlində qalsın. Yeni əlifba isə ancaq Avropa elmlərini yaymaqda mülki və dövləti işlərdə tətbiq edilsin. Necə ki, Böyük Pyotr rusların köhnə əlifbasını keşişlərin ixtiyarında qoyaraq, Avropa əlifbaları əsasında yeni bir əlifba icad etmişdir. Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun. Məlumdur ki, 15 ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir. Bir də ki, həzrət-əşrəf şahzadə, böyük filosof və məşhur ustad Əbu- Reyhan Biruninin “Əl-asarül-baqiyə ənil-qurunül-xaliyə” (“Xali əsrlərdən qalmış əsərlər”) kitabının izahı və tərcüməsini bitirdikdən sonra mənə və Şeyxülislama iki nüsxə göndərsəniz, yenidən başımızı ucaltmış olarsınız. Mən isə hələlik yüksəkşənli Manukci Sahibdən “Mütənəbbein” və “Əncümənaraye-huşəng” kitablarının göndərməsini gözləyirəm. Şahzadə! Əfsus, min əfsus ki, sizinlə həmsöhbət olmaq şərəfindən məhrumam. Həqiqətən, çox qiymətli bir vücudsunuz. Hər halda, uzaqdan da olsa, sizi tərif və dua etməklə məşğulam. Mən və Şeyxülislam imkanımız olduqca “Fələküssəadə”nin fikirlərini əhalinin bütün təbəqələri arasında yayacağıq. 1874-cü il, yanvarın 20-də Tiflisdə, sizə riyasız ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Nikolaiyə Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə 24 fevral 1874-cü il Cənabınıza məlum olan kitabı fars dilində dəftərə köçürüb hazırlamışdım. Odur ki, fevralın 17-də Parisə, sizin adınıza teleqraf vurub soruşdum ki, həmin kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna təqdim edimmi? Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab yetişdi ki, siz hazırda Tehrandasınız. Belə olduğuna görə, bu məktubu yazmağa iqdam edib sizdən soruşuram ki, Tehranda vəzifəyə təyin olunmuşsunuz və ya Paris şəhərinə qayıdacaqsınız? * * * Nikolaiyə 1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti Əziz və əzəmətli dostum müsyö Nikolai! Sizə məlum olan kitabın farscası dəftərə yazılıb hazırlanmışdı. Ona görə də fevralın 17-də sizin adınıza Parisə teleqraf vurub soruşdum ki, o kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna verə bilərəmmi? Teleqrafın pulunu isə hər iki başa, yəni həm xitab, həm də cavab üçün Tiflisdə vermişdim. Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab gəldi ki, siz halhazırda Tehrandasınız. Bu xəbər məni fikir-xəyal dəryasına qərq etdi. Bilmədim ki, siz Tehrana müvəqqəti getmişsiniz və ya orada qulluğa təyin olunmuşsunuz. Sizin orada qalmağınız çoxmu çəkəcəkdir? Buna görə də həmin məktubu yazmaq qərarına gəldim. Sizdən soruşuram: Tehrandamı qulluq edəcəksiniz, yoxsa Parisə qayıdacaqsınız? Əgər həqiqətən sizin Parisə qayıtmağınız uzun çəkərsə, o zaman mən böyük naümidliyə düçar olacağam. Çünki sizdən başqa həmin kitabı fransız dilinə tərcümə edə bilən başqa bir adam tanımıram. Kitabı Tehrana da göndərə bilmərəm. Bu iş təhlükəlidir. Belə isə, sizdən çox xahiş edirəm ki, bu yaxınlıqda Parisə qayıdıb-qayıtmayacağınızı mənə xəbər verəsiniz. Əgər tez qayıtmış olsanız, məlum kitabı Tiflisdəki Fransa konsuluna verim ki, cənabınıza göndərsin. Əgər sizin qayıtmağınız uzun çəkəcəkdirsə, o zaman bu kitabı kimin vasitəsilə və köməyilə fars dilindən tərcümə etməyin mümkün olmasına dair məsləhətinizi mənə yazın! Artıq zəhmət vermirəm. Dostunuz kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 24 fevral 1874-cü il. Tiflis * * * Nikolaiyə 1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin! Necə ki, vəd etmişdim, sizə məlum olan əsərin nüsxəsini dövlətiəliyyeyi-Fransanın konsulu cənablarına təqdim etdim ki, sizə göndərsin. Bu əsərdə iki cür mətləb vardır. Onlardan biri metafiziklərin fikrini əhatə edir; digəri isə islam xalqlarının daxili məsələləri, ev sirlərinə şamildir. O ki, metafiziklərin fikrinə aiddir, onlar Avropa mütəfəkkirlərindən gizli və örtülü deyildir. Avropa alimləri metafiziklərin nəzəriyyəsini biz müsəlmanlardan yaxşı bilirlər. Lakin biz müsəlmanların daxili məsələlərimizə və ev sirlərimizə gəlincə, demək olar ki, avropalıların bu sirlərdən tam xəbərləri yoxdur. Çünki islam xalqları içərisində bu günə qədər yetişən mütəfəkkirlərdən heç birisi bu fikirləri və bu sirləri açmağa cəsarət etməmişdir. Məhz buna görə də həmin əsər avropalıların böyük maraq və etinasına səbəb olacaqdır. Həmin səbəbə görə də onun fransızcaya tərcüməsi, Avropa alimləri və mütəfəkkirləri nəzərində cilvələnəcəkdir. Odur ki, cənabınızdan xahiş edirəm, həmin əsəri fransızcaya tərcümə edin və tərcüməni bitirdikdən sonra kitabsatanlara göstərin. Əgər onlar əsəri bir dəfə və ya bir neçə dəfə çap edib satmaq hüququnu sizdən satın almış olsalar, o zaman həmin məbləğdən bir hissəsini öz insafınıza görə, çəkdiyim zəhmət müqabilində mənə göndərə bilərsiniz! Əvvəllər yazdığım kimi yenə də təkrar edirəm ki, mən bu barədə sizinlə şərt bağlamıram. İxtiyar sizin özünüzdədir. Göndərdiyim tərcümeyi-halın, yəni bioqrafiyanın tərcüməsini də əsərin fransızca tərcüməsi ilə birlikdə çap etməlisiniz. Məsləhət bildiyiniz şərtlər əsasında, əsəri Avropanın başqa dillərinə tərcüməyə verməkdə də ixtiyar sahibisiniz. Sözün qısası, bu əsərə aid olan bütün məsələlərdə siz mənim tərəfimdən vəkili-mütləqsiniz. Bundan sonra isə əsərin orijinalını, yəni onu fars dilində çap etdirməyə çalışmaq lazımdır. Kitabın əslini, yəni orijinalını çap etdirdiyiniz təqdirdə, kitabsatanlardan aldığınız qazancı da cənabınıza bağışlayıram. Əgər ondan da bir pay ayırıb mənə göndərmək istəsəniz, o da öz insafınıza qalıbdır. Əsərin orijinal çapını fars dilində bütün Hindistanda və onun ətrafında tamamilə azad bir şəkildə satmaq olar. Ancaq olmaya-olmaya mənim tərcümeyi-halımı, yəni bioqrafiyamı fars dilində çap edəsiniz və olmaya-olmaya farsca işarə edəsiniz ki, bu əsəri Axundzadə yazmışdır. Çünki mənim xalqım hələ fikir azadlığına malik deyildir. Mənim həmməzhəblərim elə bir kitabın mənim tərəfimdən yazıldığını bilsələr, mütləq mənə qarşı şiddətli ədavət bəsləyəcəkdirlər. Əgər görsək ki, bu əsərdən müəyyən bir mənfəət əldə edildi, ondan sonra... * * * Mirzə Məhəmmədrəfi Sədrül-üləmayə Cənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin! Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram. Ağa! Siz nə üçün istəmirsiniz ki, bizim xalqımızın bütün fərdləri, kişili-qadınlı, şəhərli və kəndli az bir müddətdə savadlı olsunlar? Axı siz görürsünüz ki, köhnə əlifbanın çətin olması nəticəsində, hicrətdən keçən 1290 ildən bəri islam xalqları arasında elmlər yayıla bilmir? Belə isə məlum olur ki, bizim köhnə əlifbamızın bir çox eybi və nöqsanları vardır. Bu əlifba ilə yazıb oxumağın və kitab çap etməyin çətinliyi haqqında danışmağa belə ehtiyac yoxdur. Ağa! Dörd şərti saxlamaqla yeni bir əlifba tərtib ediniz! Birincisi, hər bir hərfin ancaq bir şəkildən başqa müxtəlif şəkilləri olmasın. İkincisi, hərflərin altında və üstündə olan bütün nöqtələr atılsın. Yəni hərflər bir-birindən nöqtələrin sayı ilə deyil, öz şəkillərinin müxtəlifliyi ilə fərqlənsin. Üçüncüsü, bütün sait hərflər, yəni erab və hərəkələr, məsələn, fəthə, kəsrə, zəmmə və sairə hər biri xüsusi bir şəkildə, hərf kimi sözlərin tərkibində samit hərflərin yanında yazılsın. Dördüncüsü, samit hərflər sözlərin tərkibində işlənərkən biri digəri ilə bitişməsin. Onların bitişməsinə sait hərflər, yəni indiyə qədər samitlərin altına və üstünə qoyulan hərəkələr kömək etsin. Həqiqətdə, fəthənin müqabilində – ə, kəsrənin müqabilində – i, zəmmənin müqabilində isə – ü səsləri vardır. Bunlar Quranda hərflərin üstündə və altında hərəkə şəklində yazılırdı. Yeni əlifbada isə bu hərəkələrin qəddi düzəldilməli, şəkli düzəldilməli və ayrıca hərflər şəklinə salınıb, sözün tərkibində yazılmalıdır. Ağa! Əgər biz belə bir əlifbanı qəbul etsək, onun vasitəsilə bütün uşaqlarımız bir-iki ay ərzində öz ana dillərində hər şeyi anlayacaq və başqa dillərdə yazılan kitabların yazısını da heç bir səhv və xətaya yol vermədən oxuya biləcəklər. Yəni savad öyrənmək üçün uşaqlara ayrı-ayrı hərfləri tanımaq kifayətdir və bu yeni əlifba bütün təbəqələri və bütün peşə sahiblərini savadsızlığın eybindən və qəbahətindən xilas edəcəkdir. Bütün vəzifə sahibləri, şöhrət və yaxşı ad axtaran şəxslər bu əlifbanın vasitəsilə Avropa elmləri ilə tanış olacaqlar. Avropa elmləri tədriclə bizim dilə tərcümə olunaraq, yeni əlifbaya köçürülüb nəşr ediləcəkdir və İran xalqı nailiyyətə və xoşbəxtliyə çatacaqdır. Qoy köhnə əlifba da din alimlərinin əlində qalsın ki, onlar bu əlifba ilə yazılmış dini kitabları oxuyub, məzmununu bizə təlqin etsinlər. Yəni, qoy, köhnə əlifba axirət işlərinə, yeni əlifba isə dünya işlərinə məxsus olsun. Ağa! Bilirəm ki, bu kimi böyük fikirləri həyata keçirmək, mənim və sizin kimi adamların qüvvəsindən xaricdir. Belə bir fikri icra etmək, qüdrət və iradə sahibi olan bir padşahın əzm və iradəsindən asılıdır. Nə edim ki, əlim padşaha çatmır. Ona görə də mən öz fikrimi sizə və sizin kimi başqa cənablara bu məqsədlə bildirirəm ki, mənim fikrimi xalqın arasında yaysınlar. Qoy, bu fikir danışıqların mövzusu olsun, bəlkə bu yolla bir vaxt padşahın qulağına çatsın və onu imkandan həqiqətə çevirsin. Ağa! İndiyə qədər bizdən baş verən hər bir yaxşı iş, məsələn, xeyrat, ehsan və sairə, hamısı behişt əldə etmək tamahı xatirinə olmuşdur. İndi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən, vətənimizin azadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək! Mənə belə gəlir ki, bu kimi işlər həm insanların, həm də Allahın yanında hər cür ibadətdən daha yaxşıdır. Mən yeni əlifbanın layihəsini ayrıca bir varaqda bu məktubda qoyduğum qırmızı əlamətin altında yazıb sizə göndərirəm. Ağa! Bu əlifbada sizə xoş gəlməyən hər bir hərfi və ya şəkli öz istədiyiniz kimi dəyişdirməyə ixtiyarınız vardır. Hətta, mən sizə ixtiyar verirəm ki, əlifbada olan bütün sait və samit hərflərin şəkillərini ya öz səliqənizlə, ya da xoşxət adamların səliqəsi ilə tamamilə dəyişəsiniz. Lakin yuxarıda qeyd etdiyim dörd şərtdən kənara çıxmağa icazə vermirəm. Çünki bu şərtlərə riayət etmədən, yeni əlifbanın heç bir bəhrəsi ola bilməz. Yəni oxumaq, yazmaq və kitab çap etdirmək işlərini asanlaşdıra bilməz. Ağa! Görürsünüz ki, yeni əlifba layihəsində peyğəmbərlərin şəriətinə zidd olan heç bir şey yoxdur. Çünki biz köhnə əlifbanı tamamilə tərk etmirik. Köhnə əlifba yenə də öz yerində qalır. Nəhayət, bu yeni əlifba da nəstəliq, şikəstə və reyhani kimi yeni bir xətt sayılacaqdır. Ona da “Divani” adı qoyacağıq. Bəli, əgər biz yeni əlifbanı “kafirlərin” əlifbasından götürsəydik, o zaman dedi-qoduya imkan olardı və deyə bilərdiniz ki, biz “kafirləri” niyə təqlid edirik. Halbuki biz yeni əlifbamızı özümüzün hazırkı əlifbamıza əsasən düzəltmişik. Nəhayət, burada bir qədər dəyişikliyə yol vermişik. Belə isə, artıq danışmağa nə ehtiyac vardır? Bəs necə olur ki, şikəstə xətti ilə yazanlar bütün hərflərin şəklini dəyişir və nöqtələrini tamamilə atır. Lakin heç kəs onlara bir söz demir? Amma siz ümumxalqın faydası naminə hərflərin şəklini bir qədər dəyişmək və nöqtələri atmaq istədikdə, dərhal yer-göy lərzəyə gəlir? Kufi xəttində heç bir nöqtə yox idi. İbn Muqlə kufi xəttini nəsxə çevirdi və onda nöqtələri icad etdi və bizi bu qədər böyük əzaba saldı. Çox yaxşı oldu ki, ondan elə bir günah baş verdi ki, xəlifə onun əlini kəsdirdi. Çox mümkündür ki, bəzi dargörüşlü adamlar iddia etsinlər ki, yeni əlifba ilə hüsnxət itir və guya hüsnxət yazının əsas fəziləti və çox lazımlı, birinci dərəcəli məsələsidir. Bunun cavabında demək olar ki, hüsnxət mənasız bir işdir. Hər bir xəttin gözəlliyi və fəziləti ondadır ki, mümkün qədər asanlıqla oxunsun. Bundan başqa, hüsnxət yazıya adət etməyin nəticəsidir. Hər bir xəttə adət etdikdən sonra onu gözəlləşdirmək olar. Bundan əlavə, gözəl xətlə yazmaq qabiliyyəti olan şəxslər hər hansı əlifbada yazılarsa yazsınlar, onların xətti gündən-günə artar. Bu əlifbanı mən özüm yazmışam. Ona görə də gözəl yazılmamışdır. Siz ondan bir nüsxə verin təbrizli Mirzə Şəfi Xoşnevisin şagirdlərindən bir nəfəri yazsın. O zaman görəcəksiniz ki, bu əlifbanı da gözəl yazmaq olar, ya yox? Ağa! Bu məktubda yazdığım mətləbləri təsdiq etmək üçün Melkum xanın yeni əlifba haqqında yazmış olduğu kitabçanı və fransız alimi Şarl Missmerin şərhini oxumaq lazımdır. Bunların hər ikisi mənim İstanbul səfərimdən sonra fikrimi Osmanlı dövlətinin vəzifə sahiblərinin qulağına çatdırmaq və bu fikri müdafiə etmək məqsədilə yazılmışdır. Mirzə Əsədulla xana yazın ki, hər iki əsərin surətini məndən istəsin, onların üzünü Mirzə Əlinağıya köçürtdürsün və sizin üçün göndərsin. Öz dostlarınızla təşkil olunan məclislərdə bu kitabları oxumaqdan, şübhəsiz ki, həzz olacaqsınız. Çünki Mirzə Melkum xanın kitabçası çox duzlu və məzəli yazılmışdır. Əgər yüz dəfə oxusanız, yenə də doymayacaqsınız. Mən əminəm ki, siz əmr edəcəksiniz ki, Təbriz çapçılarından biri hər iki kitabçanı çap edib, öz mənfəətlərinə satsınlar. Savadı olan hər bir şəxs bu kitabçaları alacaqdır. Vəssalam! 18 məhərrəm, 1291-ci il (7 mart 1874) Tiflisdə kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Əzəmətli ağam! Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız... Qafqaz canişini Baş idarəsi depar- tamentinin mütərcimi, polkovnik Mirzə Fətəli Axundzadənin təhriri məruzəsi 9 aprel 1874-cü il. Tiflis şəhəri * * * Rəşidə Sevimli Rəşid! Keçən məktubda mən ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, Mənsur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat ver. Mayın sonlarında biz Qocura gedəcəyik. İmtahanların nə vaxt başlandığını yaz. Rəşid! Mənə Brüsseldəki öz səmimi dostlarının adlarını yaz. Habelə öz professorlarınızın da adlarını yaz. İstər dostlarının, istərsə də professorlarınızın səninlə münasibəti haqqında mənə məlumat ver. Yaz görüm, prezident sənə hörmət edirmi? O, əxlaq cəhətdən necə insandır? Sən oranın universitetindən razısanmı? Sən oradakı imperator elçisinin yanında olmusanmı? Birinci dəfə pasportunu nişan verdiyin elçilik katibi ilə sonralar bir daha görüşmüşsənmi? Bu məktubda artıq yazılası heç bir şey yoxdur. Hamımız sağ və səlamətik, Ələkbərlə birlikdə vaxtımızı keçirərək, “Kəmalüddövlə”nin nəşr ediləcəyinə və ümumdünya şöhrəti qazanacağına ümid bəsləyirik. Bilmirəm mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yoxsa o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq qəlbimdə qalacaq və bu iki ümidimi həyata keçirmək məndən sonra sənin öhdənə düşəcəkdir. Sənin atan * * * Sevimli Rəşid Səbirsizlik və ruhi həyəcanla gözlədiyim 23 dekabr tarixli məktubunu aldım. Rəşid! Sənin məktubun gecikəndə mən və anan nigarançılıq və iztirab çəkməyə bilmirik. Bundan sonra həmişə öz vaxtında, məzmun olmasa da, ikicə xətdə sağ-səlamətliyin barədə bizə xəbər yaz. Əgər bu gün xeyirxah ağa Ələkbər sənin məktubunu poçtdan alıb gətirməsəydi, mən altı manat itirəcək idim; çünki Brüsselə vuracağım teleqramın qaralaması artıq yazı masamın üstündə hazır idi. Mənim tərəfimdən müsyö Qastinoya təzim edib de ki, “Müsyö Jordan” komediyası haqqında onun qənaəti ilə tamamilə razıyam. Qraf Soloqub və Q.Xanıkov da mənə demişdilər ki, bu komediya yalnız oxumaq üçün məqbuldur, lakin səhnə üçün dram şərtlərinə malik deyil. Xülasə, mən özüm də onu səhnədə oynanılmaq üçün təqdim etməmişəm. Qoy müsyö Qastino onu kitabça şəklində nəşr etmək təşəbbüsündə olsun, bəlkə oxucular üçün maraqlı oldu. Səhnə üçün mənim komediyalarımdan, belə düşünürəm, “Vəziri-Xani-Lənkəran”, “Xırsiquldurbasan” və “Hacı Qara” münasib olar; onlar Tiflisdə oynanılıbdır, bu yaxınlarda Bakıda da tamaşaya qoyulacaq. Əlifbanın Əlcəzairdə tətbiq edilməsi haqqında müsyö Qastinonun fikri tamamilə doğrudur. Mən bundan sonra bu haqda düşünmək belə istəmirəm. Nəhayət, mənim üçün bu xoşdur ki, müsyö Qastino kimi alim bir şəxs mənim fikirlərimlə eyni olan Mismerin əsərini oxuyub təsdiq etdi. “Kəmalüddövlə”nin tərcüməsi indi gözəl bir ədəbiyyatşünas olan Treskovski tərəfindən nəzərdən keçirilir. O, bu əsərlə fərəhlənir, onun üslub və orfoqrafik yanlışlıqlarını düzəldir. Tərcümə orijinalla birlikdə nəşr edilmək üçün tezliklə Peterburqda olan məşhur bir naşirə göndəriləcəkdir. Nisa xanım 26 dekabrda çox gözəl bir qız doğub hamiləlikdən azad oldu. İrzanın xəstəliyi doğrudan da qorxulu idi, lakin Lətif qayıdıb bizi sakitləşdirdi, dedi o sağalır, ancaq hədsiz dərəcədə zəifdir. İndi Rəsul İrzanın yanında qalır, o qayıdan kimi İrzanın vəziyyəti haqqında sənə doğru xəbər verərəm. Mustafa indi qərargahda, vəfat etmiş İrimsaninin yerində mütərcim işləyir, ayda yüz manat maaş alır, onun işi əla düzəldi, bütün ailəsi səlamətdir. Mən sənin sözlərini anana tərcümə edib onu sakitləşdirdim və dedim ki, sən onun yanına dərmançı deyil, yol mühəndisi gələcəksən. Biz hamımız sağ-səlamətik. Ələkbər sənə təzim edir. Yaz görüm, yeni mənzilə köçdün, ya hələ köhnə yerindəsən? Sənin atan 10 yanvar 1875-ci il, Tiflis * * * Fərhad Mirzəyə “Cami-Cəm” coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim: Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır. İkinci fikir: hərfləri bitişməz edib, hərəkələri onların sırasına salmaq və bütün nöqtələri atmaq yolu ilə. Üçüncü fikir: hərflərin şəkilləri bitişməyən latın hərfləri şəkilləri ilə əvəz edilir, hərəkələr hərflərin sırasına daxil edilir, yazı isə soldansağa tərəf yazılır. Bu üç fikirdən mənim zənnimcə, üçüncü fikir daha üstün və məqsədə daha yaxındır. Çünki onunla oxumaq, yazmaq və çap etmək işləri asanlaşmış olur. Əlifbanı dəyişdirmək əsla şəriətə müxalif deyildir. İbn Muqlə kufi xətti nəsx xətti ilə əvəz etdi və din alimlərindən heç birisi ona qarşı bir kəlmə də danışmadı. Köhnə əlifbanı dəyişdirmək nəticəsində, köhnə kitabların qiyməti hesabına ehtimal olunan 20 kürur zərər, bu kimi xeyir işin qarşısında mühüm bir maneə olmamalıdır. Çünki köhnə əlifbanı dəyişdirmək sayəsində, yüz kürur müsəlman, kişili-qadınlı, cəhalət qaranlığından xilas olaraq, elmin nurlu dünyasına qədəm qoyacaqdır. Yəni, varlı və yoxsul, şəhərli və kəndli, köçəri və oturaq əhali bütünlüklə az bir müddət ərzində öz ana dillərində kitabları oxuyub başa düşəcəklər. Əksinə, əgər köhnə əlifbanın dəyişdirilməsi baş tutmazsa, islam xalqları dünya durduqca biliklərdən və peşələrdən məhrum olaraq, cahillik və vəhşilik içərisində qalacaqdırlar. Necə ki, hicrətdən bu günə qədər qalmış və özlərini avropalıların rişxənd və istehza oxlarına hədəf etmişlər. Yazıb-oxumağın çətinliyi üzündən bizim uşaqların əksəriyyəti dərs oxumaqdan bezikir və məktəbdən qaçırlar. Yazıq uşaqlarımız 15 il, hətta 20 il müddətində belə, mükəmməl savad sahibi ola bilmirlər. Halbuki avropalıların uşaqları bircə il ərzində savadlanıb, 5-6 il oxuduqdan sonra elmləri mükəmməl öyrənirlər. Savad öyrənmək və elmlərə yiyələnmək işindəki maneələrin səbəbi köhnə əlifbamızın çətinliyi deyilsə də, bəs nədir? Qoy islam xalqlarının ağıllı başçıları belə bir səbəbi göstərsin və sonra onu aradan qaldırmaq fikrinə düşsünlər. Köhnə əlifbanı dəyişdirmədən əvvəl, islam ölkələrində heç cür yeni tənzimat və heç cür siyasi qanunlar nəticə verə bilməz və müsəlman xalqlarının tərəqqisinə nail olmaq mümkün olmaz. Çünki hər cür tənzimat və qanun elmə əsaslanmalıdır. Nə qədər ki əhali, kişili-qadınlı, Prussiya, Amerika və Avropanın digər ölkələrinin əhalisi kimi bilik və savad sahibi olmamışdır, tənzimat və qanunların mənasını anlamayacaqdır. Onları qəbul və icra etməyə qabil olmayacaqdır. Ona görə də islam ölkələrinin padşahları, köhnə əlifbanı dəyişdirmədən və bütün öz təbəələri arasında elmləri və bilikləri yaymadan, tənzimat və yeni qanunların tətbiqi barədə əbəs yerə zəhmət çəkməməlidirlər. Bundan sonra yazmışdım ki, kəlməsinin on cür oxunması ehtimalı vardır. Necə ki, əlifbanın dəyişdirilməsi haqqındakı kitabçada ətraflı surətdə yazmışam. Ərəb dilində isə bu ibarəni yazmışdım: Bir də bu şeri yazmışdım: Farsca isə bu ibarələri yazmışdım: Bu ibarə iki cür tərcümə olunur: 1. Qulamhüseyn bu gün şahzadənin evinə getmişdi. 2. Qulamhüseyn bu gün şahzadənin evinin qapısını süpürmüşdür. (Yenə də mətn müxtəlif oxunur və müxtəlif tərcümə edilir). 1. Bir kor gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, məgər kordur, ya elə bilir ki, mən koram. Bir gur gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, bu kordur, ya elə bilir ki, mən koram. Fərhad Mirzə ərəbcə ibarələri düzgün oxudu. Görünür ki, bunları əvvəlcədən eşitmişdir. Çünki mən həmin ibarələri əlifbanı dəyişdirmək haqqındakı kitabçamda yazıb Tehrana göndərmişəm. Ancaq farsca ibarələri oxuyarkən səhv etdi. Dedim: – Şahzadə! Bu əlifba ilə yazılmış fars dilimizi düzgün oxuya bilmirik. Bəs əcnəbi xüsusi adlarını, şəhərlərin, yerlərin və ölkələrin eşitmədiyimiz adlarını necə oxuya bilərik? Cürbəcür və müxtəlif elmləri və fənləri şərh və izah edən qəribə kəlmələri və istilahları bu zalım əlifba ilə tələffüz etmək və onları öyrənmək necə mümkün ola bilər? Bizim əlifbanın bu qədər açıq-aşkar nöqsanlarını inkar edən hər bir şəxs hər cür şərəf, ağıl və sağlam düşüncədən məhrum olmalıdır. Dedi: – Mən bütün bunları ətraflı surətdə öz zəfərnaməmdə yazıb çap etdirəcəyəm. Dedim: – Elə isə sizin səfərnaməniz, heç olmazsa, faydalı bir əsər olar. Daha içində ata minmək, kalyaskada yol getmək, şikarla məşğul olmaqdan başqa mətləblər yazılmayan şahın səfərnaməsinə oxşamaz. Şahın səfərnaməsinin mənasız olduğu barədə bu sözləri eşidərkən, Fərhad Mirzə zahirən pərt oldu və yarım dəqiqəliyə fikrə getdi. Sonra başını qaldırıb dedi: – Mirzə Fətəli, mənim səfərnaməmi bu cür tərif etməməliydin! Mən dinmədim. Başqa əlacım da yox idi. Söz ağzımdan çıxmışdı. Lakin elə zənn edirəm ki, Fərhad Mirzə mənim onun səfərnaməsini şahın səfərnaməsindən üstün tutduğumdan qəlbən şad idi və zahirdə bu cür üstünlük üçün özünü pərt göstərməyə məcbur oldu. Çünki İran konsulu da həmin məclisdə oturub bizim söhbətimizi dinləyirdi. Mirzə Fətəli Axundzadə * * * Həsən bəyə Mərhəmətli cənab Həsən bəy! Sizin 5 aprel tarixli məktubunuzu aldım. Göndərdiyiniz elanlardan Şeyxülislama və müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Bunun nəticəsini onlar özləri sizə yazacaqlar. Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan 15 elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim. Qəzetinizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır. Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir. O, xüsusilə bilməlidir ki, Azərbaycan dilində “nuni-səğir” hərfi adlanan xüsusi bir hərf vardır. Şamaxı qəzasının əhalisi bu hərfi tamamilə unutmuş, hətta onun varlığına dair məlumatları belə yoxdur. Bu hərfin yerinə onlar adi “nun” (n hərfi) işlədirlər. Mən elanda olan bütün səhvlərin altından qırmızı karandaşla cızıqlar çəkib, onlardan bir nüsxəsini tanış olmaq üçün sizə göndərirəm. Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin. Səmimi ehtiram və sədaqətlə, Sizin Mirzə Fətəli Axundzadə 21 aprel 1875-ci il. Tiflis şəhəri * * * Mirzə Melkum xana “Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn! Nəhayət, “Kəmalüddövlə”nin rusca tərcüməsi çapdan çıxdı. Fransızca, almanca və ingiliscə tərcümələri də hazırdır. Hələlik, “Kəmalüddövlə”nin rusca tərcüməsindən bir nüsxə sizin üçün göndərdim. Görəcəksiniz, “Əlavələr”də sizin öz yazılarınızdan bəzi şeylər də yadigar olaraq daxil edilmişdir. Mənim qəmlərə mübtəla olan qardaşım! Yadındadırmı ki, əlifba məsələsini nə mən həyata keçirə bildim, nə də siz? Bu necə məxluqdur ki, sayı 200 milyona çatır, lakin içərisində elə bir adam yoxdur ki, əlifba haqqında mənim və sizin fikrinizin şəriki olsun! Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın! Barı, qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir nəticə verməmişdir. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirimiz olan bu eşşəklərdən əmələ gələcəkdirlər. Xudahafiz! Sizə səmimi olan Mirzə Fətəli * * * Mirzə Yusif xana 1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti Əzəmətli ağam! Səadətiniz daimi olsun! Əziz məktubunuz çatdı. Kitablar da poçtdan alındı. “Yek kəlmə”dən bir nüsxə Şeyxülislama verdim. Digər nüsxəni isə Berje Sahibə tapşırdım. Berje Sahibin özü, sizin Hcı Mirzə Ağası haqqında ikinci məktubunuz və rus Samsam xanın şəkli çatdıqdan sonra sizə məktub yazacaqdır. Xahiş edir ki, Samsam xanın şəklini tapmaq yolunda ciddi səy göstərib, bununla da onu sonsuz dərəcədə minnətdar edəsiniz. Əziz qardaşım Mirzə Cəfər Qərəcədağinin hədiyyəsi də yetişdi. Razılığımı bildirib, ona afərinlər söyləyirəm. Türkcə “Təmsilat”ı çox yaxşı tərcümə etmişdir. Bunun hamısı Dərəvürd çayı suyunun bərəkətindəndir ki, o da mənim kimi ondan içmişdir. Ancaq kitabın çapı o qədər də xoşuma gəlmədi. “Yek kəlmə”nin çapı onun tərcüməsinin çapından yaxşıdır. Allahdan istəyim budur ki, əvvəla, Mirzə Cəfərə sağ-səlamətliklə keçən təbii ömür əta etsin! İkincisi, onu xoşbəxt və müvəffəq etsin ki, o, bu qiymətli sənətə xalqımız arasında şöhrət qazandırdı. Üçüncü isə, böyük ağam olan sizdən xahiş edirəm ki, ona kömək edəsiniz. Yəni öz dostlarınızdan və tanışlarınızdan xahiş edəsiniz ki, Mirzə Cəfərin tərcüməsini alsınlar ki, o da öz zəhməti müqabilində mükafatdan məhrum qalmasın. Çox istəyirəm ki, savad və zövq sahibi olan gənclərimiz öz qələmlərini bu qiymətli fənn sahəsində işə salıb istedadlarını sınasınlar ki, bəlkə bu cür əsərlər get-gedə bizim xalqın içərisində də geniş yayılsın. Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir. Hətta “Cami-Cəm” kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi: – Mirzə Fətəli, “Tarixi-Aləmara”da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən? Mən ona dedim: – Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür. Bu cavabdan sonra Fərhad Mirzə susdu və məlum oldu ki, avropalıların ədəbi əsərlərinin qayda və üslubundan onun da xəbəri yoxdur. Rühul-qüdsdən heç xəbərim yoxdur. Nə işdədir, vəziyyəti necədir? Heyif ki, o, Tehrandan uzaqlaşdı. Onun Londonda olmasından bizə və hətta onun özünə dünyəvi mənfəətdən başqa nə xeyir vardır? İranda tək bircə nəfər hikmət sahibi yazıçı meydana gəlmişdi, təəssüf ki, onun da qədrini bilməyib, Londonda həbs etdilər. Onun vəzifəsi məgər səfirlikdir? Onun vəzifəsi öz bilik və arzularını qələmə almaqdır. Əgər o, Tehranda qalsaydı, ehtimal etmək olardı ki, onun səyi nəticəsində bəlkə də islam əlifbasını dəyişdirmək mümkün olardı. Əgər Ağa Seyid Həsən Təbrizdədirsə, məndən ona salam söyləyin! Əziz dostum Hacı Mehdiyə salam yetirirəm. Həmişə sizin və gözümüzün işığı Hüseyn xanın adını xeyir-dua ilə yad etməklə ağzımı şirinləşdirirəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə * * * Manukciyə Manukci Sahibə Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin! Birinci, sizin fərəhartıran məktublarınız mənə çatdı. Sonsuz sevincimə səbəb oldu. İkinci, sizin iki cild kitabdan ibarət olan hədiyyəniz də çatdı. Onlardan biri özünüzün tərcümeyi-halınızdır. İkincisi isə “Əncümən-arayehuşəng-Nasiri” lüğətidir. Bu əsərlər mənə Azərbaycanın nayibülvəzarəsi Mirzə Yusif xan vasitəsi ilə çatdı. Sizin tərcümeyi-halınızı bilərək, təəssüflər etdim. Nə etməliyik? Təqsir bizim ata-babalarımızdadır ki, nifaq işini əvvəlbaşdan özlərinə peşə etmişlər. Bunun nəticəsində həmrəyliyin və ittifaqın olmadığına görə yadellilərin hücumunu dəf etməkdən aciz qalaraq, özlərinin behişt misli olan vətənlərini düşmənə təslim edib, dinlərini və dövlətlərini onların ixtiyarında qoymuşlar. Qeyrətsizliyin və uzaqgörməməzliyin nəticəsində 1290 ildir ki, öz övladlarını sonsuz müsibətlərə və bəlalara düçar etmişlər. Onların övladlarından biri də sizsiniz ki, ömrünüz boyu yadların ardınca gedənlərin əlindən bu qədər müsibətlər çəkib, həmişə qan udmuşsunuz. Təbiət qanununun hökmünə görə başlanğıcı olan hər bir şeyin sonu da olmalıdır. Yadların ardınca gedənlərin hakimiyyət dövrünün başlanğıc və orta dövrü keçmişdir. İndi onun son dövrüdür. Sağlıq olsa, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz yenidən gülüstana çevriləcək və keçmiş zamanlarda olan ədalət yenidən ehya olunacaqdır. Təəssüf ki, bizim ömrümüz o gözəl və səadətli günləri görməyə vəfa etməyəcəkdir. Lakin yəqin ediniz ki, o günlər gələcək və bizim övladımız o günlərin bəhrəsini görəcəkdirlər. “Əncümənaraye-huşəng-Nasiri” lüğətinə görə sonsuz minnətdarlığımı sizə bildirirəm. Mən bir çox illərdən bəri belə bir lüğət axtarırdım. İndi sizin mərhəmətinizdən arzuma nail oldum. Sizdən bir neçə sualım da vardır: Birinci – Həzrət Zərdüştün dinində də islam dinində olduğu kimi, müxtəlif məzhəblər vardır, ya yox? Əgər belə məzhəblər varsa, neçədir və onların baniləri kimlərdir? O məzhəblərin adları nədir və daha çox tərəfdarları olan ən məşhurları hansılardır? İkinci – siz bu məzhəblərdən hansına mənsubsunuz? Üçüncü – siz şəxsən tərəfdarı olduğunuz məzhəbin baş alimi, yəni ruhanisinin ləqəbi nədir, möbiddir, muğdur, ya başqa bir şeydir? Dördüncü – siz özünüz mənsub olduğunuz məzhəbin hal-hazırda ən məşhur və ən bilikli alimləri kimlərdir və harada yaşayırlar? Sizinlə onun arasında tanışlıq və dostluq vardır, ya yox? Beşinci – Həzrət Zərdüştün istər Hindistanda, istərsə də dünyanın başqa yerlərində olan tərəfdarlarının sayı neçə milyon ola bilər? Bu sualların cavabını tezliklə mənə yazmağınızı xahiş edirəm. Bundan sonra mənə məktub yazarkən, birbaş Azərbaycanın naibülvəzarəsi Mirzə Yusif xanın ünvanına göndərin ki, o, çox asanlıqla və tezliklə mənə çatdıracaqdır. İndi öz şəklimdən bir dənəsini yadigar olaraq sizə göndərirəm. Əgər sizin də şəkliniz varsa, mənə göndərin ki, mənim üçün çox əziz bir hədiyyə olacaqdır. Öz şəklimdən birisini də sizə göndərirəm və xahiş edirəm ki, onu çoxlu salamla sizin Hindistandakı dostunuz və tanışınız olan ən məşhur və bilikli alimə yetirəsiniz. Ondan cavab aldıqda, ya eynilə və ya da tərcüməsini mənə göndərəsiniz. Mənim dilimdən nəvvab, əşrəf-əmcəd, alinəsəbli şahzadə Etizadüs-səltənəyə salam yetirib deyiniz ki, nə qədər ömrüm var onu mədh edəcəyəm, şəxsən ona səmimiyyət və inamdan başqa xüsusi məhəbbətim də vardır. Sizin dostunuz kolonel Mirzə Fətəli Axundzadə Yanvar 1876-cı il. Tiflis * * * Manukciyə Manukci Sahibə Əziz və mehriban dostum Manukci Sahib! Allah iqbalınızı daimi etsin! Bu ilin rəbiəl-əvvəl ayının 28-də yazdığınız məhəbbət məktubunuz yetişdi. Böyük şadlığıma səbəb oldu. Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, mən bu arzuma çata biləcəyəm, ya yox? Çünki qocalmışam, yaşım 65-ə çatmışdır. Saçım-saqqalım tamamilə ağarmışdır. Lakin sağlamlığım və bədənimin qüvvəsi hələ də qalır. Gözlərim yaxşı görür, vücudum sağlamdır. Bircə arzum vardır ki, 11 il də yaşayaydım və halhazırda Avropada Belçika ölkəsinin paytaxtı olan Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görüb, ona özüm toy edəydim, ondan sonra “Kəmalüddövlə”ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil üçün yadigar qoyaraq, bu fani və puç dünyanı tərk edəydim. Qoy, gələcək nəsil “Kəmalüddövlə”nin məzmununa əməl etsin və məhvi yolunda illər uzunu çalışdığım köhnə islam əlifbasını da dəyişdirsin! Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə ötməz. Mənim kimi o da mütləqa şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır. Böyüyü oğlandır. Adı Mənsur Mirzədir, altı yaşı vardır. Kiçiyi isə Mələksima xanım adlı qız uşağıdır. Siz də yazın görüm, oğlanlı-qızlı neçə uşağınız vardır, onların adı nədir və əlavə edin görüm, ailəniz hal-hazırda haradadır və özünüzün neçə yaşınız vardır. Farsca yazıları özünüz yazıb-oxuyursunuz və ya katibiniz vardır? Bundan başqa, mənim səmimi salamımı dəsturi-əzəm Pəşutənci Bəhramciyə yetirin və deyin ki, qiyabi olaraq mən ona hörmət bəsləyirəm. Əgər o, mənim şəklimi alması barədə sizə cavab yazarsa, məktubun əynini və ya surətini mənim üçün göndərin. “Kəmalüddövlə”ni çap etdirmək uğrunda çalışıram və ümidim vardır ki, “Kəmalüddövlə” Fransada çap ediləcəkdir. Çapdan çıxan kimi, əlbəttə, ondan sizə yüz nüsxə göndərəcəyəm. Tiflisdə fars dilində mətbəə olmadığına görə, burada Şərq kitablarını çap etdirmək mümkün deyildir. “Dəsatiri-farsiyan” nüsxəsi indiyə qədər nəzərimə çatmamışdır. Təvəqqe edirəm, onun fars dilinə tərcüməsi mənə göndərin! “Əncümənara” kitabı misilsiz hədiyyədir. Onu oxumaqdan ləzzət aparıram. Əgər “Dəsatir” kitabını da göndərsəniz, sizə sonsuz dərəcədə minnətdar olaram. Sizin tərcümeyi-halınız məndə vardır. Onu oxuyarkən mənim ürəyim qana dönür və təəssüf edirəm. Lakin nə edə bilərəm? Bu kimi müsibətlərdən Azərbaycanda mənim atam mərhum Mirzə Məhəmməd Təqinin başına çox gətirmişlər. Zülm həddini aşıbdır. Nə edim ki, pak Allah bunların hamısına dözür. Səbrdən başqa əlacımız yoxdur. Bizim nakam sirdaşımız olan şahzadə Cəlaləddinə minlərcə dəfə heyif olsun! Sizin və sizin xalqın dostluğunda həmişə sadiq qalacağam. 18 may, 1876, Tiflis * * * Tehran seyidləri və əşrafından birinə [Tehran seyidləri və əşrafından biri ilə müsahibə] 1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim. Bəyanat belədir: Əgər bu yeni əlifba tətbiq olunarsa, müsəlman uşaqları bu əlifba ilə təhsilə başlayarlarsa, onlar bircə aydan sonra farsca, ərəbcə və türkcə olan bütün islami kitabları oxumağa qadir olarlar. Belə olarsa, islam xalqına böyük bir nemət nəsib olar. Yəni, bundan sonra bütün müsəlmanlar içərisində istər kişilərdən və istərsə də qadınlardan bir nəfər belə savadsız adam tapılmaz. Bu yeni əlifbanın ixtiraçısı olan kolonel Mirzə Fətəli Axundzadə heç vaxt təkid etmir ki, mütləq onun tərtib etdiyi hərflərin şəkilləri yeni əlifbada dəyişməz olsun. O bildirir ki, müsəlman xəttatlarının tam ixtiyarı vardır ki, bu hərflərin şəkillərini qismən və ya bütünlüklə daha gözəl və xoşagələn hərflərlə əvəz edib, bu barədə dövlətə və xalqa öz fikirlərini bildirsinlər. O zaman xəttatlardan hansının düzəltdiyi əlifba hərfləri qəbul və təsbit olunarsa, bütün xalq onu tətbiq edə bilər. Lakin xəttatlardan heç birinin buradakı əsas məqsədə, yəni savad öyrənməyin asanlaşdırılması məsələsinə xələl yetirməyə ixtiyarı olmamalıdır. Əsas məqsədin şərtləri bunlardır: Birinci – bütün samit hərflər bitişik deyil, bitişməz olmalıdır. Onlar ancaq ayrı-ayrılıqda sait hərflər, yəni hərəkələrdə bitişə bilərlər. İkinci – hərflərdəki bütün nöqtələr atılmalıdır. Hərflərdən hər birisi digərindən nöqtələr vasitəsilə deyil, xüsusi və vahid şəkil ilə ayrılmalıdır. Üçüncü – sait hərflər, yəni hərəkələr həmişə samit hərflərlə bir sırada, onlarla bitişik yazılmalıdır. Çünki islam yazısının çətinliyinin səbəbi birinci növbədə samit hərflərin biri digərinə bitişməsindədir ki, nəticədə hər hərfin dörd şəkli meydana çıxmışdır. Bunlar sözlərin tərkibində hər an başqa bir şəklə girib, uşaqları çaş-baş salır. Digər tərəfdən isə nöqtələrdir ki, yazının gec yazılmasına və hərflərin biri digərilə qarışıq düşməsinə səbəb olur. Məsələn, təzə oxumağa başlamış uşaq (qızlar) və (bitki) olduğunu təyin edə bilmir. Nəhayət, hərəkələrin yazılmamasıdır ki, yazımızın uşaqlar üçün ən şiddətli çətinliyi də buradan doğur. Məsələn, təzə oxumağa başlamış uşaq kəlməsini gördükdə, bilmir ki, o (kərd) yəni etdi, ya gərd (toz), ya gerd (dövr) və ya (pəhləvan) və ya (kürd), yəni kürdlərin tək halındakı şəklidir. Bundan başqa, uşaqlar yenicə yazıb-oxumağa başladıqları bütün müddət ərzində kəlmələrin faəl-fel, eynəl-fel və laməl-fel hərəkələrinin tələffüzündə səhv edirlər. Daima sakin hərfi hərəkəli və hərəkəli hərfi isə sakin oxuyurlar. Kolonel Mirzə Fətəli Axundzadə * * * Mirzə Mustafaya Gözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin! Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm. Mənim sizə birinci nəsihətim budur ki, bütün iş-gücünüzdən əl çəkib, üç il tamam, ara vermədən, mümkün olan bütün vasitələrlə fransız dilində biliyinizi mükəmməlləşdirməklə məşğul olasınız ki, ancaq bundan sonra dünyanın nə olduğunu görəcək və öz ömrünüzdən bəhrə götürəcəksiniz. Siz hələ gəncsiniz. Bu yaşda dil öyrənmək tamamilə mümkündür. Ancaq buna hümmət lazımdır. İkinci – əziz qardaşım Mirzə Əlinağı dadaşa yazın ki, mənimlə tanış olmuşsunuz, məktublaşırsınız və mən öz şəklimi sizə göndərmişəm. Mənim dilimdən də ona salam yetirin və hər vaxt ondan cavab gələrsə, mənə bildirin! Üçüncü – kafirliyi və xəbərsizliyi özünüzə din və əqidə kimi qəbul etməyin! Kafirlik, yəni haqqı inkar etmək, xəbərsizlik, yəni qəflətdə olmaqdır. Bunların hər ikisi mənim zövqümə və məsləkimə zidd olan şeylərdir. İnsan nə haqqı inkar etməli, nə də mərifət aləmindən bixəbər olmalıdır. “Xəbərsizlik aləmi – qəribə behiştdir” deyənlər cəfəng danışmışlar. Ata-babaların məzhəbindən qaçmağın da lüzumu yoxdur. Zahirdə öz həmməzhəblərimizlə qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq. Dördüncü – yazmışsınız ki, sərkar dadaşın nəfəsindən siz də pay almışsınız və həm də əvvəldən də sanki qəlb eviniz ürfan nurundan xali olmamışdır. Buna görə də sizi imtahan etmək istəyirəm və Mollayi- Ruminin bu iki beytini izah etməyi sizdən tələb edirəm. Əlbəttə, nə cür anlasanız, o cür də yazıb göndərin. Beytlər bunlardır: “Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa ilə Musa müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa Firounla barışdı”. Beşinci – Təbriz ziyalılarından hər kəsə rast gəlsəniz, deyin ki, islam xalqlarının əlifbası nöqsanlıdır və müsəlman xalqlarında oxumağı çətinləşdirən əsas səbəb də bu uğursuz əlifbadır. Bu zalım əlifbanın sayəsindədir ki, seçmə fərdlərdən başqa bütün müsəlman xalqları savaddan məhrumdurlar. Bu əlifba mütləq dəyişdirilməlidir və dəyişdirilmə yolu da bunlardır: Birinci, sözlərin tərkibindəki bitişik hərflər bitişməz hərflərlə əvəz edilməlidir. Yəni hər bir hərfin həm kəlmənin əvvəlində, həm ortasında, həm axırında, həm də ayrılıqda dörd cür şəkli deyil, təkcə vahid bir şəkli olmalıdır. Məsələn, hərfi kəlmənin başında, ortasında, axırında şəklində, ayrıca yazılanda isə şəklində yazılırsa, bu dörd şəkil əvəzinə ancaq bircə vahid şəkil olmalıdır. İkinci, sait hərflər, yəni hərəkələr, məsələn, – fəthə, zəmmə və kəsrə başqa xalqların yazılarında olduğu kimi, samit hərflərin sırasında, yəni yanında yazılmalıdır ki, uşaqlar onları gözü ilə görsün və qiraətdə səhvə yol verməsinlər. Üçüncü, yazının gec yazılmasına və sözlərin qarışıq düşməsinə səbəb olan nöqtələr tamamilə hərflərdən atılmalıdır. Hazırda uşaq bilmir ki, bu söz, yəni (bənat) qızlardır və ya (nəbat) yəni otlardır. Və ya kəlməsi; (nəbi) yəni peyğəmbərdir və ya (bəni) yəni övladdır. Gərək hər bir hərf öz xüsusi şəkli ilə başqa hərfdən seçilsin. Hərəkələr öz xüsusi şəkilləri ilə yazılmazsa, qarşıda yüz cür çətinlik və əngəl duracaqdır. Məsələn, uşaq bu sözü bilmir ki, (kərd), yəni fel – etdi oxusun, (kord), yəni pəhləvan oxusun, (gərd), yəni toz və ya (gerd), yəni dövrə (kürd), yəni kürdlərin təklik halı kimi oxusun. Misal üçün üç kəlmə yazıram: ‘ ‘ Qoy xəttatlar yığışıb bir məclis qursunlar, samit və sait hərflər üçün yeni şəkillər ixtira edib, təzə bir əlifba yaratsınlar; islam xalqını bədbəxtlikdən xilas edib, dünyada əbədi və ölməz bir ad qoysunlar! Sizi görmək şövqündə olan Mirzə Fətəli 1876-cı il Qocur yaylağı * * * A.P.Berjeyə 21 oktyabr 1876, Tiflis Pərəstiş etdiyim Adolf Petroviç! Mən sizin töhmətinizi almaq şərəfinə nail oldum. Fars şeri ilə desəm: “Sevgilinin dilindən söyüş eşitmək də xoşdur”. Mən elə bildim ki, Vaqifin astrologiya macərasını sizə təfsilatı ilə yazmaqla məktub yazmaq borcumu yerinə yetirmiş oluram. Görünür, yanılmışam, gərək sizə xüsusi bir məktub da göndərəydim, həm də ona görə ki, siz öz məktubunuzla məni yad etmişdiniz. Amma qoy xidmətlərim – hər həftə tatar (Azərbaycan – H.M.) şairlərindən tərcümələri onların tərcümeyihalı ilə birgə sizə göndərməyim mənim günahımı yusun. Biz hamımız sağ-səlamətik. Mənim hörmətli dostum Vasili Semyonoviç səylə arxiv işlərini nəzərdən keçirməkdədir və inanıram ki, sizin yeni ildən yeddinci cildi başlamağınız üçün imkan yaranacaqdır. Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseynin bu gün tatar (Azərbaycan – H.M.) dilində göndərməli olduğu mətni tərcümə etməyə başlayacağam. Qulluğunuzda hazır olan müxlisiniz, Sizin Mirzə Fətəli Axundzadə * * * Həsən bəyə Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyd və nöqsan onun cavabı ilə öz qəzetəndə basasan. Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən vəkili-naməlum tərəfindən * * * Aleksandr Qriqoryeviçə Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç! Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm. Valahəzrət Rzaqulu Mirzə sizə göndərdiyi məktubunda mənim fars dilində olan bir əsərim və onun rusca tərcüməsi haqqında əhvalatı yazmışdır. Hazırda həmin əsər tərcüməsi ilə bərabər, Peterburq şəhərində yaşayan naşir və kitab satıcısı Qrimm adlı bir şəxsdədir. Həmin şəxs bu əsərin farsca mətnini bütün Avropa dillərinə tərcüməsi ilə bərabər çap etməyi mənə vəd etmişdi. Lakin o, bu vədinə əməl etmədi. Mən isə hövsələdən çıxıb, keçən il noyabrın 22-də öz dostum doktor Bilyumberqin qardaşı Konstantin Matveyeviç Bilyumberqə yazdığım bir məktubda əlyazmasının fars mətnini və tərcüməsini Qrimmdən alıb, çap etmək üçün başqasına verməsini xahiş etmişdim. Lakin indiyə qədər Bilyumberqdən də cavab ala bilməmişəm. Buna görə də, sizdən acizanə xahiş edirəm ki, Qrimmi öz yanınıza çağırtdıraraq mənim farsca əlyazmamı onun tərcüməsi ilə birlikdə mütləq geri alasınız. Sonra həmin əlyazmasını aşağıdakı şərtlərlə başqa bir naşirə çap etmək üçün verəsiniz. Şərtlər bunlardır: mən istəyirəm ki, bu əlyazmasını nəşr edən hər hansı bir naşir əsərin orijinalını və bütün Avropa dillərində onun tərcüməsini çap etmək üçün lazım olan bütün xərcləri öz öhdəsinə götürsün. Əsər bir dəfə və ya bir neçə dəfə çap olunduqdan sonra kitabları sataraq əldə edilən puldan öz qoyduğu xərci çıxsın. Yerdə qalan sırf gəliri isə bərabər halda iki yerə bölsün və bir hissəsini mənə göndərsin. Bundan əlavə, kitabın orijinalından beş nüsxə və rusca tərcüməsindən də beş nüsxə hədiyyə olaraq mənə bağışlasın. Belə bir şərt məncə, hər hansı bir naşir üçün ən yüngül və əlverişli şərt hesab oluna bilər. Mən belə bir şərti şəxsən sizin cənabınıza təklif etməyə cəsarət etmirəm. Lakin əgər siz özünüz mənə qarşı iltifatınıza əsasən və öz şəxsi həvəsinizlə belə bir şərti qəbul edib, mənim xahişimi yerinə yetirməyə hazır olsanız, o zaman yuxarıda qeyd etdiyim şərtlər əsasında mənimlə yoldaş olunuz, mənə müqavilənamə göndəriniz! Əgər belə olarsa, mən təkcə qəlbən sizə minnətdar olmaqla qalmayıb, eyni zamanda öz ana dilimdə sizin haqqınızda gözəl bir mədhnamə də yazaram. Əgər siz bu əsər haqqında aydın təsəvvürə malik olmaq istəsəniz, mən naşir İsakova yazdığım məktubun surətini sizə göndərə bilərəm. Əgər siz iki, ya üç gün bu farsca əlyazmasının Qrimmdən aldığınız rusca tərcüməsini oxumağa sərf etsəniz, şübhəsiz ki, mövzu ilə tamamilə tanış ola bilərsiniz. O zaman mümkündür ki, şübhəsiz, bu əsərin bütün Avropa dillərində tərcüməsi ilə bərabər çap edilməsi ilə bu və ya başqa dərəcədə maraqlanacaqsınız. Həmin məktubla bərabər, Qrimmə yazdığım məktubu da göndərirəm ki, ona əsasən Qrimm mənim farsca əlyazmamı rusca tərcüməsi ilə birlikdə cənabınıza təqdim etsin. Qrimmin adresi ona yazdığım məktubun zərfi üzərində yazılmışdır. Öz adresim isə sizə göndərdiyim məktubda vardır. Sizdən məni minnətdar edə biləcək cavab gözləyirəm. Dərin hörmət və sonsuz sədaqətlə, həzrət-əşrəfinizə müti xidmətçi olmağı özümə şərəf bilirəm. M.F.Axundzadə 2 fevral 1877-ci il * * * Həsən bəy Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda. Mənim əzizim kapitan sultanov! Məktubun dəlalət edir ki, türki və farsi dillərində savadın var, amma elm iddiasını edə bilməzsən. Çünki məzmuni-məktubundan görünür ki, hələ əvamünnas cərgəsindəsən. Əvvələn, sənə bu ayeyi-şərifənin təfsirini yazıram. Yəni, əlbəttə, ölü hesab etməyin o kəsləri ki, Allah yolunda məqtul olublar, bəlkə onlar diridirlər və öz rəblərinin yanında mərzuqdurlar. Pəs, imam Hüseyn əleyhissəlam Allah yolunda qətlə yetişib, pərvərdigarın yanında mərzuqdur və dərəcəyi-şəhadəti dərk etməklə fövziəzimə nail olubdur. İndi bizim o həzrətə təziyədarlığımızın mənası budur ki, əfsus edirik ki, niyə o həzrət şəhadətə yetişdi, gərək ömri-təbii sürəydi, yeyəydi, içəydi, keyf edəydi, ləzzət aparaydı, şəhadət cəhətindən məqami-əla-illiyyinə yetişməyəydi. Bu yandan dəxi Yezidə və İbn-Ziyadə və Şümrə lənət edirik, bu mənaya ki, köpək oğlu Yezid, köpək oğlu ibn-Ziyad, köpək oğlu Şümr niyə o həzrətin şəhadətinə bais oldunuz, niyə səbəb oldunuz ki, o həzrət məqami-əla-illiyinə yetişdi. Aya, təziyədarlığın mənası bu deyil? Pəs biz əgər əhli-beytə şieyixalisik, gərək imam Hüseyn əleyhissəlamın dərəcəyi-şəhadətə yetişməsindən bu səbəb ilə məqami-təqərrübi-həzrəti-bariyə çatmağından xoşhal olaq, nəinki o həzrətə təziyə saxlayaq, atılaq-düşək, döşümüzə və başımıza çırpaq, başımıza kül və torpaq sovuraq və şaxsey-vaxsey naləsin ərşə çatdıraq və əndamımıza xəncər və bıçaq taxaq və yara vuraq və bu gunə əbləhanə hərəkətlə aşina və biganəni özümüzə güldürək. Bu dəlili-əqli mucibincə təziyədarlıq özü sərapa külli-şüquqatı ilə hükameyi-islamın əqidəsində bidətdir və məsiyətdir, xəncər və bıçaq taxmaq divanəlikdir. Əfsus ki, sənin zehnin bu gunə ali və həkimanə mətləbin dərkindən qasirdir və əvamanə hökm edəcəksən ki, bu mətləbi yazan şəxs ya sünnidir, ya laməzhəbdir. Bavücudi ki, bu mətləbi yazan şəxs nə sünnidir və nə ya laməzhəbdir, bəlkə müsəlmani-pakdır və şieyi-xalisdir və yazdığı mətləb şəriəti-ğarrayə və baladə zikr olan ayeyi-şərifəyə məbnidir. Bu iddianın təsviyətində Əli ibn-Əbutalib əleyhissəlamın kəlamı dəlili-kafidir ki, ibn-Mülcəmin zərbəti vəqtində foran mübarək lisaninə cari oldu: Yəni: and olsun Kəbənin rəbbinə ki, fövzə yetişdim. Pəs şəhadət baisi-fövz imiş. Biz niyə gərək o həzrətin şəhadətindən qəmgin olaq, vəqti ki, özü şad olur, yəni niyə gərək sugvarlıq edək ki, o həzrət fövzə çatdı. Habelə də, imam Hüseyn əleyhissəlam şəhadətindən şaddır. Əzizim Sultanov, mətləb çox barikdir və külliül-əmayi-isnaəşəriyyənin əqidəsinə müxalifdir, amma həqq mətləbdir. Əgər filcümlə bəsirətin olsa, hərarət etməyəcəksən, külli-üləmayi-isnaəşəriyyə təziyədarlığın təcvizində xətayə düşüblər. Hükamayi-isnaəşəriyyənin əqidəsi səhihdir. Hükamayi-isnaəşəriyyə deyirlər ki, imam Hüseyn əleyhissəlam bir mərdanə və qeyrətmənd vücud idi. Əlində qılınc Allahın düşmənlərinin müqabilində cəhad elədi və Yezidə beyət etməyi qəbul etməyib mərdanəliklə dərəceyi-şəhadəti dərk etdi və Kərbəla meydanında həzrət özü bu əfradın məzmununu zikr edirdi: “İlahi, bəla meydanından uzaqlaşmaram, Sənin kəməndinin halqasından boyun qaçırmaram. Susuz ölərəm, kufəlilərdən su istəmərəm. Dost yolunda düşmən minnəti çəkmərəm. Kərbəla çölündə tikanlar könlümə də batsa, Dostun küçəsində gülşən həsrəti çəkmərəm”. Pəs biz niyə gərək o həzrəti şəhadət cəhətindən məzlum və zəlil hesab edib, ona ağlayaq və onu külli-aləmdə rüsvay edək? Məzlum o kəsə deyərlər ki, onun hüququna və malına sitəm oluna. O həzrətin, doğrudur, hüququna və malına sitəm olundu, bundan ötrü ağlamağın lüzumu yoxdur. Hərgah bir qeyrətmənd və mərdanə cavan əlində qılınc mərdanəliklə Allahın yolunda Allahın düşmənlərinin müqabilində cəng edib şəhadətə çata, o surətdə biz, aya, gərək oylə cavana məzlum xitab edək və onu zəlil hesab edər və ona ağlayaq və onu rüsva edək? Haşa və kəlla. Biz gərək oylə cavana afərin oxuyaq və onun mərdanəliyindən fəxr edək. Budur hükameyi-isna-əşəriyyənin əqidəsi ki, imam Hüseyn əleyhissəlama təziyədarlıq səfahəti-məhzdir və o həzrətin xilafi-rizasıdır. Əgər biz istəyirik ki, bir gunə əmal ilə imam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, gərək onun təziyə-darlığından əl çəkib təziyədarlığa sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin ətfallarına tərbiyət vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında cəli xətlə yazıb yapışdıraq ki, imam Hüseyn əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur. Ta ki, bu vəsilə ilə bizim sair əmali-şəriyyəmiz bisəmər qalmasın, çünki xudavənd-aləm kəlami-məcidində buyurubdur: Yəni: hər kəsin bu dünyada umuri-diniyyədə və umuri-məişətdə qəlb gözü kordur, axirətdə dəxi kordur və gümrahtərdir. Aşkardır ki, umuridiniyyədə və umuri-məişətdə qəlb gözü biduni-elm və mərifət və savad açıq olmaz və görücü olmaz. Pəs, əgər biz elmsiz və mərifətsiz və savadsız həzar qism əmali-həsənəyə amil olsaq, bu ayeyi-şərifənin mövcibincə axirətdə bizə fayda verməyəcəkdir. Biz yenə korlar zümrəsində olacağıq. Pəs, ey din qardaşları, hümmət edin, təziyədarlığa sərf etdiyiniz pulları hər şəhərdə məktəbxanalar açmağa sərf edin. Üləmayi-isnaəşəriyyənin sözlərinə baxmayın, çünki onların sözləri müəllil bəğərəzdir və peşələri əvamfiriblikdir və onların siz cəmaətdən həzar qism təmənnaları var. Hükameyi-isnaəşəriyyənin sözlərinə baxın ki, heç bir qərəzləri yoxdur və siz cəmaətdən heç bir təmənnaları yoxdur. Mücərrəd məhəbbət və təəssüb və qeyrət yolunda sizə naseh vaqe olurlar ki, siz dəxi ülum ilə mərifət ilə və savad ilə sair miləl kimi dünyada səraməd və bərgüzidə olasınız və sair miləl sizə isnadi-vəhşiyyət etməsinlər, necə ki, indi edirlər. Bir dəxi, mənim əzizim, Sultanov, təziyədarlığı şüari-islam hesab etməyin xətayi-məhzdir. Əlbəttə, hər kəs şüari-islamə rəvac versə, onun dərəcəsi ülyadır və lakin təziyədarlıq şüari-islam deyil. Şüari-islam gərək binayi-islamdan başlana, təziyədarlıq bir əmrdir möhdis ki, padşahaniisnaəşəriyyə öz politikalarının səlahı üçün onu ehdas etdilər. Əvvəl Dəyalimə hicrətdən üç yüz ildən ziyadə keçmiş, sonra Səfəviyyə və üləma dəxi əvvələn səlatini-isnaəşəriyyənin xatiri üçün bu əmri-möhdisi təçviz etdilər. Saniyən, rəftə-rəftə xalq adətkərdə oldu və üləma dəxi bu əmri-möhdisin zimnində özləri üçün mənafeyi-kəsirə mülahizə etdilər və onun tərvicinə çalışdılar və bu xüsusda ənva və əqsam kizbdən məmlu təsnifat müntəşir etdilər. “Müsaibül-əbrar” və sairləri kimi ki, hər aqil və həkim şəxs oxuyanda əti tökülür, ondan ötrü ki, əxbarikazibənin həddi və həsri yoxdur. Ənva və əqsam rəzalət və zillət və həqarət nisbəti əhli-beytə verib, rüsvayi-aləm ediblər. İmam Hüseyn əleyhissəlam bu gunə ixlas və iradəti sizdən istəmir. Qoyun onu rahət behişti-berində seyr etsin. Gedin öz işiniz dalısınca. Əgər onun rizasına talibsiz, onun şiələrinin tərəqqisinə bais olun, vəssalam. Hərgah deyəsən ki, filani, sənin bu sözün batinən müsəlləmdir və lakin imam Hüseyn əleyhissəlamın şəhadəti zahirən müsibət görünür. Bu müsibətdə biz ki, onun şiəsiyik, gərək təziyədarlıq edək, haray və fəryad naləsin ərşə yetirək. Həmin bu hərəkət məsiyətdir və xilafi-iradeyi-həzrəti-baridir. Cənabi-əqdəsi-ilahi öz ayəti-şərifəsində buyurur: Yəni: o kəslər ki, müsibətzədə olurlar deyirlər bətəhqiq biz Allah üçünük və Allah tərəfinə rücu edəcəyik. Pəs bu müsibətdə bizə ancaq bu kifayət edər ki, deyək: və bundan ziyadə hər nə etsək, ağlamaq kimi və döşə-başa çırpmaq kimi xilafi-rizayi-sübhandır və müxalifi-ayeyi-şərifeyi-Quran. Xüsusən ki, bizim təziyədarlığımız bir növ cənabi-əqdəsi-ilahidən şikayət etməyi zimnində tutur ki, niyə imam Hüseyn əleyhissəlamə şəhadəti müqəddər etmişdi. Biz istəmirdik ki, Şümr o həzrətin başın kəssin, Allah, sən niyə belə təqdir etdin? Sultanov, bir təəmmül et, gör biz nə əql və şüurdayıq ki, həqq təaliyə təziyədarlıq ilə bəhs varid edirik. Əzizim Sultanov, əgər bu mətləbin rəddinə əqlinə güc verib iqdam edəsən və bir para mərsiyəxan əhadisinə mütəməssik olub dəlil gətirəsən, dəxi məndən cavab çıxmayacaq. Bu gün damağım var idi, əsrari-xəfiyyədən bir neçə kəlmə sənin tərəfinə tulladım, dəxi məni danışdıra bilməzsən. Sui-zənn etmə ki, şürbdən damağım var idi. Müskiratın qətrəsi dilimə dəyməz. Ancaq sənə axır kəlamımda bir pədəranə nəsihətim var: – Niyə, balam, Əzrailin ləqəbini üstünə götürürsən? Əzrailin adından və ləqəbindən xalqın tənəffürü var. Hər kəs oğluna Cəbrail və Mikail və İsrafil ad qoyar, amma heç görübsən ki, bir kəs oğluna Əzrail ad qoysun. Hadim Əzrailin ləqəbidir. Bircə”Əlif leylayə bax, gör ki, çox yerdə necə yazılır: Nagah Hadimi-lləzat yetişdi və ruhunu qəbz etdi. Yəni, Əzrail. Əlbəttə, bu ləqəbi üstündən götür və Əhsənülqəvaidə üzrxahlıq yaz. Şəxsi-naməlum Həsən bəy, təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan çap edəsən ki, Sultanov oxusun. İndi gələk öz mətləbimizin üstünə. * * * Həsən bəy Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin. Vəkili-naməlumi-millət * * * Həsən bəy Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın. 15 fevral, sənə 1877 * * * Hacı Mötəmədüddövləyə Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin. Şahzadə! Nəvvabi-müstətabınız Məkkeyi-mükərrəmə və Mədineyimünəvvərədən qayıdarkən Tiflisdə mənim üçün Rəsuli-əkrəm səlavətüllahi əleyhin mədhinə yazmış olduğunuz qəsidəni oxudunuz. Mətlə beytinin birinci misrası belə idi: “Ey göndərilmiş peyğəmbərlərin sonuncusu!” O vaxt qəsidənin surətini sizdən istəməyə cəsarət etmədim. İndi ki, Şirazdasınız və bir neçə xoşnəvis katibləriniz hüzurunuzda vardır, xahiş edirəm ki, həmin qəsidədən bir nüsxəsini yazdırıb, yadigar olaraq mənə hədiyyə göndərəsiniz! Şahzadə! Nəvvabi-müstətəbınızın fəzilət və kamalına mənim tam etiqadım vardır. Xüsusilə, həzrət-əşrəf şahzadənin təqva və zöhdü məni valeh etmişdir. Çünki siz tay-tuşlarınızın tamamilə əksinə olaraq, içkidən tamamilə imtina edirsiniz və pak ətəyinizi pis əməllərlə ləkələməyirsiniz. Lakin heyf olar ki, həzrət-əşrəf bu qədər elm və fəzilətlə əhlibatindən xəbərdar olmayasınız. Yadınızda varmıdır ki, bir dəfə həzrət-əşrəfinizlə kalyaskaya oturub, knyaz Orbelianinin görüşünə gedirdik, yolda mən sizə ərz etdim ki, islam mütəfəkkirlərindən çoxu vəhdəti-vücuda inanırlar. Siz buyurdunuz: – Yəni Firon da allahdır? Knyaz Orbelianinin evinə çatmışdıq, mən sizə cavab verməyə fürsət tapmadım. İndi həmin sualın cavabında Mollayi-Ruminin bu iki beytini yazıb, həzrət-əşrəfinizə göndərirəm: “Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa Musa ilə müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa ilə Firon barışdı”. Bu o deməkdir ki, Musa və Firon hər ikisi bir vücud idilər. Elə ki, öz əsillərindən ayrılıb zahiri aləmə gəldilər, bir-biri ilə müharibəyə başladılar. Lakin elə ki, yenidən öz əsillərinə qayıtdılar, yenə də həmin vahid vücud oldular. O əsil hansıdır ki, bunlar ona tərəf qayıdacaqlar? Bu xüsusda Quranda ayeyi-şərifə vardır: (Biz allahdanıq və ona tərəf qayıdanlarıq). Burada Firon müstəsna olunmamışdır. O, dəxi, qayıdanlardandır. Şahzadə! Allah eləməsin ki, mənim şəxsi etiqadım belə olsun! Mən bitərəfliklə mütəfəkkirlərin sözlərini nəql edirəm ki, Molla Əbdüssəməd Həmədani və Molla Hadi Səbzvari də o cümlədəndirlər. Əgər bu böyük adamların əsərlərindən əlinizdə varsa, oxuyun və əgər oxusanız, mənim sözümün doğruluğu mütləq sübut olunar. Bir də sizə bildirirəm ki, həzrət-əşrəfinizin səmimi dostu, Bakının sabiq qubernatoru, mələk xasiyyətli cavan general Staroselski indi Qafqaz canişinliyinin ümumi idarə rəisi təyin olunmuş və ona tabe olan bizlərə gözəl günlər qismət olubdur. 1877-ci il martın 14-də, sizə riyasız ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərə- findən yazıldı. Şirazda məqamı yüksək, alinəsəb şahzadə Hacı mötəmədüddövlə Fərhad Mirzə – Fars əyalətinin fərmanfərmasına çatacaqdır. * * * Qeyd Əgər islam əlifbası sillabi deyil, alfabeti olsaydı və yazılarkən sol tərəfdən sağ tərəfə yazılsaydı və bu cəhətdən alfabeti yazının qaydasına riayət edilsəydi, islam xalqları mədəniyyət, yəni tərəqqi aləmində şübhəsiz ki, Avropa xalqlarından irəli keçərdilər. Ona görə ki, əvvəldə mədəniyyət toxumu islam xalqlarının yaşadığı torpaqda göyərmişdir. Lakin sillabi yazının çətinliyi nəticəsində elm və maarifin yayılması bu xalqların bütün sinifləri içərisində mümkün olmamışdır və müsəlmanların yaşadığı torpaqda yerə salınan mədəniyyət toxumu çürüyüb məhv olmuş, lakin alfabeti yazının asanlığı nəticəsində, Avropa torpağında bu toxum göyərmiş və inkişaf etmişdir. Minlərlə təəssüf olsun ki, islam xalqlarının başçıları öz əlifbalarını dəyişdirməyin vacib bir iş olduğunu dərk etmirlər və günəşdən aydın olan bu məsələnin əhəmiyyətini anlamırlar. Bir halda ki, onlar hər bir işin bünövrəsi olan bu vacib və əsas məsələdən ikinci dərəcəli işləri – yeni tənzimat, dəmir yolları çəkmək, buxar gəmiləri əldə etmək, birinci teleqraf xəttini çəkmək, hərbi silahları təzələmək və sairəni üstün tuturlar, böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin. Mirzə Fətəli Axundzadə * * * Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür. Dörd ildən sonra atamın xamnəli olan başqa arvadı ilə yola gedə bilməyən mənim anam atamdan xahiş etmişdir ki, onu mənimlə birlikdə, o zaman Ərdəbilin Meşkin mahalında Şəkinin sabiq hakimi Səlim xanın xidmətində olan əmisi Axund Hacı Ələsgərin yanına göndərsin. Atam anamın xahişini qəbul edib, onu mənimlə birlikdə əmisinin yanına göndərmişdir. O tarixdən mən atamdan ayrılıb, bir daha onu görməmişəm və Qaradağ kəndlərindən olan Horand kəndində anamın əmisinin yanında olmuşam. Bir il sonra Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başlamış, əvvəlcə özü Quranı mənə öyrətmiş, Quranı bitirdikdən sonra yavaş-yavaş farsca və ərəbcə kitablardan mənə dərs demişdir. Bu Axund Hacı Ələsgər nadir bir alim idi. İstər farsca və istərsə də ərəbcə bütün islami elmlərdən mükəmməl məlumatı var idi. O, məni oğulluğa qəbul etmiş və mən xalq arasında Hacı Ələsgər oğlu adı ilə tanınmışam. İki ildən sonra Axund Hacı Ələsgər Horand kəndindən Qaradağın Ünküt elinə köçüb, Vəlibəyli obasında sakin oldu. O vaxtlar, şirvanlı Mustafa xan da Ünküt eli qışlaqlarının yaxınlığında Şəkərli adlanan yerdə yaşayırdı. Bu gözəl təbiətli xandan mənim ikinci atam o qədər böyük yardımlar görmüş və vəsfəgəlməz yaxşılıqlar müşahidə etmişdir ki, onları yazmaqla bitməz. Bu arada, yəni miladi 1825 tarixində Axund Hacı Ələsgərin Məhəmmədhüseyn adlı böyük qardaşı Şəki vilayətindən Ünküt elinə gəlib, onu mənimlə və anamla bərabər, əsil vətəninə gətirdi. Axund Hacı Ələsgər birinci ildə Gəncə şəhərinə varid olub, burada dayandı və təsadüfən, o birisi ildə İran dövləti ilə Rusiya dövləti arasında müharibə başlandı. Bu müharibə əsnasında Axund Hacı Ələsgərə və onun ailəsinə üz verən müsibətlər, onların düçar olduğu bəlalar, bütün var-dövlətlərinin Gəncə qalasında qarət olunması, özlərinin müflis hala düşməsi yazıya sığışmaz. Xülasə, İran qoşunu məğlub olduqdan sonra, Axund Hacı Ələsgər öz ailəsi ilə Nuxa şəhərinə gəlib, orada qaldı və yenə də mənim təhsilimə böyük diqqət və qayğı göstərib, fars və ərəb dillərini mənə mükəmməl öyrətdi. Hətta, məni Dağıstan ləzgi tələbələri kimi, ərəb dilində danışmağa adət etdirdi. 1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgər Məkkəyə getməli oldu. O, məni Gəncəyə gətirib, Axund Molla Hüseynin yanında məntiq və fiqh kitablarını oxuyub öyrənməyə qoydu; özü isə Məkkəyə yollandı. Bu vaxta qədər mən farsca və ərəbcə oxumaqdan başqa bir şey bilmirdim və dünyadan xəbərsiz idim. İkinci atamın məqsədi bu idi ki, mən ərəb elmlərini öyrənib bitirdikdən sonra ruhanilər cərgəsinə daxil olub yaşayım. Lakin başqa bir hadisə üz verdi ki, bu niyyətin baş verməməsinə səbəb oldu. Bu hadisənin təfsilatı belədir: Gəncə məscidinin hücrələrindən birində həmin vilayət əhli Mirzə Şəfi adlı bir şəxs yaşayırdı ki, bir sıra müxtəlif biliklərə malik olmaqla bərabər, nəstəliq xəttini də çox yaxşı yazırdı. Bu, həmin Mirzə Şəfidir ki, Almaniya ölkəsində onun tərcümeyi-halını və farsca şeirlər yazmaqda hünərini yazıb vəsf etmişlər. Mən ikinci atamın buyuruğu ilə hər gün həmin şəxsin yanına gedib, nəstəliq xəttini məşq edirdim. Get-gedə mənimlə bu hörmətli şəxs arasında mehribanlıq və səmimiyyət əmələ gəldi. Bir gün həmin möhtərəm şəxs məndən soruşdu: – Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir? Cavab verdim ki: – Ruhani olmaq istəyirəm. Dedi: – Demək, riyakar və şarlatan olmaq istəyirsən? Təəccüb edib çaşıb qaldım ki, görəsən bu nə sözdür? Mirzə Şəfi mənim vəziyyətimə nəzər salıb, dedi: – Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə! Başqa bir peşə dalınca get! Elə ki, ondan ruhanilərə nifrət etməsinin səbəbini soruşdum, o, elə mətləbləri açıb söyləməyə başladı ki, o günə qədər mənə məlum deyildi. Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi ürfanın bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini mənim gözümdən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət etdim və əvvəlki niyyətimi dəyişdirdim. İkinci atam Məkkədən qayıtdıqdan sonra Nuxaya qayıtdım. Yenə də bir müddət bəzi ərəbcə kitabları, o cümlədən Şeyx Bəhainin “Xülasətül-hesab” adlı kitabını oxumaqla məşğul oldum. Bu arada Nuxada rusca məktəb açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənməyə meyl etdim. Bir il müddətində həmin məktəbdə rus dilini öyrənirdim. Böyüdüyümə görə, burada bir ildən artıq oxuya bilmədim. Bir ildən sonra 1834-cü ildə ikinci atam məni götürüb Tiflisə gətirdi və rus sərdarı Baron Rozenə ərizə verib, xahiş etdi ki, məni öz dəftərxanasında Şərq dilləri mütərcimi sifətilə qulluğa götürsün və rus katiblərindən birini də məni rusca oxutmağa təyin etsin ki, rus dili sahəsində biliyim təkmilləşsin. Bu sərdara nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Bu mələk xislətli əmir ikinci atamın xahişini dərhal qəbul edib, mənim barəmdə o qədər iltifat göstərdi ki, mən onun vəsfindən acizəm. O tarixdən bu günə qədər Qafqaz sərdarlarının yanında Şərq dilləri mütərcimi vəzifəsində çalışıram. Onların hər birisindən cürbəcür iltifatlar, mərhəmətlər görmüşəm. Yaxşı güzəranım vardır. Kolonellik rütbəsinə malik olmuşam. Baron Rozendən sonra mənim ikinci nemətverənim olan mərhum general-feldmarşal knyaz Vorontsovdan xüsusilə razıyam ki, bu işgüzar və ağıllı əmirin iltifatı sayəsində, məndə yazıçılıq qabiliyyəti özünü göstərdi. Azərbaycan türkcəsində altı komediya, yəni təmsil yazıb, ona məlumat verdim. Böyük təqdirə, çoxlu ənama nail oldum. Bu xeyirxah əmirin tikdirdiyi Tiflis teatrında “Təmsilat”ımı tamaşaya qoydular. Teatr salonunda olanlardan afərinlər, təriflər eşitdim. Sonra “Yusif şahın hekayəsi”ni yenə də türk dilində yazdım. Bu yeddi əsər rus dilinə tərcümə edilib çap olunmuşdur. Bu əsərlər haqqında Peterburq və Berlin jurnallarında təriflər yazılmışdır. 1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim. 1863-cü ildə Qafqaz canişini həzrət-əşrəf şahzadə qranduk Mixaildən icazə alıb, bu fikrimi bildirmək üçün İstanbula getdim. Həzrət qranduk bütün müsafirət xərcimi dövlət xəzinəsindən əta etdi. Vəziri Kruzenştern də İstanbuldakı rus səfirinə bir məktub yazdı ki, qarşımda duran məqsədi yerinə yetirmək üçün Osmanlı dövləti başçılarının yanında lazım gələn səyi göstərsin. Əlifbanı dəyişdirmək haqqında yazmış olduğum kitabçanı rus səfiri mütərciminin vasitəçiliyi ilə Osmanlı dövlətinin sədr-əzəmi Fuad paşaya təqdim etdim. Türkcə “Təmsilat”ımı və “Yusif şahın hekayə”sini də göstərdim. Sədr-əzəmin əmri ilə kitabçanı Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə etdilər. Hər cəhətdən əlverişli hesab edib bəyəndilər. Lakin həyata tətbiq edilməsinə icazə vermədilər. Çünki kitabçada təklif edilən əlifbada kəlmələrin tərkibində hərflərin bitişik olması nəzərdə tutulduğundan, çap işində çətinlik qarşıya çıxırdı. Mən dedim ki, bu nöqsanı aradan qaldırmaq üçün köhnə islam əlifbasında tam bir dəyişiklik aparmaq lazım gəlir. Buna görə də islam əlifbasındakı hərflər də, avropalıların yazısında olduğu kimi, bitişməz olmalıdır. Yazı soldan-sağa doğru yazılmalıdır. Nöqtələr tamamilə atılmalıdır. Hərflərin şəkilləri latın əlifbasından seçilməlidir və sait hərflərin hamısı samit hərflərin sırasında yazılmalıdır. Sözün qısası, sillabi əlifbamız alfabeti əlifba ilə əvəz edilməlidir. İstanbul alimləri və nazirləri mənim bu fikrimi də qəbul etməyə razılıq vermədilər. İranın İstanbuldakı səlahiyyətli naziri Mirzə Hüseyn xanın mənə qarşı ədavəti də osmanlıların mənimlə razılaşmamalarına qüvvət verdi. Nə isə, İstanbuldan məqsədimə nail olmadan qayıtdım. Lakin islam əlifbasını dəyişdirmək barəsində fikrim Osmanlı dövləti tərəfindən qəbul olunmadısa da, Məcidiyyə ordeni əlifbanı dəyişdirmək haqqında Fəxri fərman verdilər. İstanbulda Mirzə Hüseyn xanın əlindən müsibətlər çəkmişəm ki, əgər onların hamısını yazsam, başağrısına səbəb olar. Bu adam keçmişdə Tiflisdə öz dövlətinin konsulu idi. Qəlbən mənə qarşı şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən tamamilə xəbərsiz olub, onu özümə dost hesab etdiyimdən, İstanbulda onun evində mənzil etdim. Nəhayət, o, ədavətini büruzə verdi. Bütün Osmanlı nazirlərinin qarşısında məni islam dini və dövlətinin bədxahı kimi qələmə verdi. Sonralar məlum olduğuna görə, onun ədavət bəsləməsinə səbəb guya bu imiş ki, mən türkcə “Təmsilat”ımda iranlıların yaramaz əxlaq və rəftarını pisləmişəm. Bu isə dramnəvisliyin əsas şərtlərindəndir. Bu adam dramnəvislikdən və onun şərtlərindən bir şey anlamadığına görə, dünya elmlərindən tamamilə binəsib olduğuna görə, hiyləgərlik, riyakarlıq, paxıllıq, gözügötürməzlik, acgözlük və tamahdan başqa qabiliyyəti olmadığına görə, elə zənn etmişdir ki, mənim bu cür hərəkətim iranlılara kin bəsləməyimin nəticəsidir. Onun mənə qarşı ədavət bəsləməsi aşkar olduqdan sonra evindən çıxıb, başqa yerdə mənzil etdim. Tiflisə qayıtdıqdan sonra əlifba barədə öz fikirlərimi başqa bir kitabçada yazıb, Tehrana göndərdim. Bu yeni kitabçada hərflərin şəklini bitişməz tərtibdə vermişdimsə də, ruhanilərin qorxusundan yazının yenə də əvvəlki kimi sağdan-sola yazılacağını göstərmişdim. Lakin Tehranda da mənim bu fikrimə əhəmiyyət vermədilər. Həmin fikir axırda İstanbulda tərəqqipərvərlərlə konservatorlar arasında müzakirə və mübahisələrə mövzu olaraq qalır. Sonra öz dövlətimin icazəsi ilə Tiflisdən İstanbula, Osmanlı sədrəzəmi Ali paşaya əlifba məsələsinə dair bir kitabça və bir də sabiq islam əlifbasının dəyişdirilməsinin lazım olmaması haqqında məqalə yazmış olan Süavi əfəndi adlı Osmanlı aliminin fikirləri və təsəvvürlərinə qarşı yazdığım tənqidi göndərdim. Bu kitabça da nəticəsiz qaldı. Əlifba haqqındakı fikirlərim barədə fars dilində bir mənzumə yazaraq, əhvalatı orada şərh etmişəm. Bu əhvalatdan sonra “Rövzətüssəfa”ya mülhəqat yazmış Hidayət təxəllüslü Rzaqulu xanın tarixinə kiçik bir tənqid yazıb, Tehrana göndərdim. Bir il sonra Süruş təxəllüslü Şəmsüş-şüəra ləqəbi olan bir tehranlı şairin farsca yazmış olduğu qəsidəsinə tənqid yazıb, Tehrandakı tanışlarıma göndərdim. Bir qədər sonra bu fikrə gəldim ki, müsəlman xalqlarının mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün “Kəmalüddövlə”ni yazmağa başladım. Bu “Kəmalüddövlə” elə bir əsərdir ki, bu günə qədər islam dini haqqında bu aydınlıqda və bu kimi dəlillərlə onun misli ola bilən bir əsər yazılmamışdır. Bu isə ona görə deyildir ki, müsəlman filosoflar onun məsələlərindən xəbərdar olmamışlar. Xeyr, xəbərdar olmuşlar. Lakin onlardan heç birisi öz bildiklərini açıq-aşkar söyləməyə cəsarət etməmişdir. Hazırda yaşım altmışı keçmişdir. Rusiya dövlətinin sayəsində mənə həvalə edilmiş qulluqda çalışıram və dövlətin himayəsindən istifadə edirəm. Bir oğlum, bir də qızım vardır. Qızımı ərə vermişəm. Oğlumun 20 yaşı vardır. Təhsilini Tiflis gimnaziyasında bitirmişdir. Rus və fransız dillərini çox yaxşı bilir. Fars və ərəb dilləri ilə də tanışdır. 1874-cü ilin iyun ayının əvvəlində biliyini təkmilləşdirmək üçün Belçika universitetinə gedib, orada mühəndislik elmini öyrənməklə məşğuldur. “Kəmalüddövlə” əsəri vasitəsilə özümə çoxlu dostlar və həmfikirlər tapmışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran dövləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövlətinin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz dərəcədə əziz tutardı. Əfsus, əcəl aman vermədi ki, bu fəzilət sahibi olub, bütün gözəl sifətləri və təqdirəlayiq əxlaqı öz şəxsiyyətində cəmləşdirmiş şahzadə ilə mənim dostluğum uzun müddət davam etsin. Alinəsəbli şahzadə 1870-ci ildə ömrünün cavan çağlarında bu fani dünyanı tərk etdi. Dostlarımdan biri də təbrizli Ağa Ələkbərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Belçika universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur. Bu Ağa Ələkbər qanacaqlı, şüurlu, ürfandan tamamilə xəbərdar və öz müsahibliyində mehriban, xoşrəftar və xoşsifət bir şəxsdir. Ondan vəsfəgəlməz dərəcədə razıyam. Onunla elə ünsiyyət bağlamışam ki, əgər bir gün görməsəm, özümü pərişan və kədərli hiss edərəm. Bu üç nəfərdən başqa bir çox dostlarım və həmfikirlərim vardır ki, onları birər-birər saysam, mətləb uzanmış olar. * * * Şəhadətnamə Biz, adları aşağıda qeyd olunan, Azərbaycanın Xamnə qəsəbəsindən olan şəxslər bu məsələdə şahid olduğumuzu bildiririk ki, təxminən 30 il bundan əvvəl Mirzə Fətəlinin atası, məşhur Əhmədağa övladından olan mərhum Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsinin zabiti (kətxudası) idi. Həmin qəsəbənin və ətrafdakı bir sıra kəndlərin bütün mülki işləri İran dövləti başçıları tərəfindən müəyyən maaşla ona tapşırılmışdı. Onun özü və ata-babası İranın nəcib və məşhur adamlarından idilər. O cənab, məzkur qəsəbədə divan işlərilə məşğul olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə məsuliyyətə cəlb edib, öz vəzifəsinə görə və İrandakı mövcud adət üzrə ayaqlarına çubuq vurdurub saçlarını kəsmək barədə əmr vermişdi. O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib həvəsləndirmək lazımi işlərdən sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən həmin üç nəfər sərbaz barədə gördüyü cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni fövqəladə qəzəbləndirdi və nəticədə şəniyüksək Mirzə Məhəmmədtəqi, Xamnə qəsəbəsi və başqa kəndlərin kətxudası vəzifəsindən çıxarıldı. Bundam əlavə, cərimə və müsadirəyə məruz qaldı və nəticədə şəniyüksək mərhumun nəqd və cins əmlakından Təbriz əyarı ilə 12 min tümən sərkar naibüssəltənə mərhuma və onun idarə rəislərinə çatmış oldu. Bundan sonra Mirzə Məhəmmədtəqi bir müddət vətənini tərk edib getdi. Qayıtdıqdan sonra Xamnənin kətxudası vəzifəsi dövlət başçıları tərəfindən ona təklif edildisə də, o, az bir müddət qəsəbənin işlərinə baş çəkdi və sonra özü bu cur qulluqdan uzaqlaşmasına çalışıb, azad edilməsini istədi. 1261-ci il hicri rəbiəssani ayının əvvəli. Rus tarixi ilə 1845-ci ilin mart ayında yazıldı. İmzalar Şəhadətnamənin yuxarısında yazılmışdır: Bu vərəqənin altını möhürləyib imza edənlər mətndə yazılan məzmuna bu duagunun yanında şahidlik verdilər: Şeyxülislam, Tiflis axundu Məhəmmədəli * * * Şəhadətnamə Əlahəzrət imperatorun canişini cənablarının dəftərxanasının mütərcimi Mirzə Fətəlinin ata-babasının iranlı olması, qüdrətli dövlətin varlığına duagu olan mənə məlum və aydındır. Ona görə də, hazırda ki, təsadüfən bu yerlərə gəlib çıxmışam və Mirzə Fətəlinin özünün də bu barədə məlumat əldə etmək istədiyini bilib, onun övladı və xələfləri üçün əsil-nəsəbi haqqında müxtəsər məlumat vermək məqsədi ilə bu kağız bizim tərəfimizdən yazıldı. Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi, Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi. O qəsəbənin ətrafındakı bir neçə kəndlərin də bütün mülki işlərini idarə etmək, müəyyən bir maaşla İran dövləti başçıları tərəfindən ona tapşırılmışdı. O cənabın bir müddət vətəni tərk edib, qürbətdə yaşamasına səbəb olan hadisə bundan ibarətdir: məzkur qəsəbənin kətxudası olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə, öz ixtiyarı və İranda mövcud olan adətə müvafiq olaraq, məsuliyyətə cəlb edib, ayaqlarına çubuq vurdurmuş və saçlarını kəsmək əmrini vermişdi. O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib, həvəsləndirmək lazım sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən, həmin üç nəfər sərbaz barədə görülən cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni də fövqəladə qəzəbləndirdi və nəticədə, əvvələn – şəniyüksək Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsi və başqa kəndlərin hakimi vəzifəsindən çıxarıldı. İkinci – cərimə və müsadirəyə məruz qalaraq var-yoxunun çox hissəsi olan 12 min tümənlik əmlakından keçməli oldu. Bu hadisədən o, bir müddət tərkvətən olmuş və vətənə qayıtdıqdan sonra keçmiş xidmətləri müqabilində, Xamnə kətxudalığı dövlət başçıları tərəfindən ona təklif olunmuşsa da, o cənab az bir müddətdə həmin qəsəbənin bir para işlərinə baş çəkmiş, lakin sonra özü bu cür divan qulluğundan imtina edib, bu vəzifədən azad edilməsini xahiş etmişdir. Müsəlman tarixi ilə 1261-ci il şəvvaləl-mukərrəm ayının sonlarında, miladi tarixlə 1845-ci ilin oktyabr ayında Tiflis şəhərində yazıldı. * * * Kitabxana.az · https://kitabxana.az/authors/axundzade İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.