Cəfər Cabbarlı. Əsərləri Cəfər Cabbarlı (1899–1934) == Dramlar == Solğun çiçəklər -5 pərdəli dram** Məclis əhli B ə h r a m – Saranın əmisi oğlu. S a r a – B ə h r a mın əmisi qızı, Gülnisənin qızlığı. G ü l n i s ə – Saranın analığı. P ə r i – Gülnisənin qızı. Ə b d ü l – ev nökəri. * * * Aydın -5 pərdəli dram** Oyundakılar A y d ı n – 22–25-29 yaşlarında bir gənc. G ü l t ə k i n – 19–22-26 yaşlarında oxumuş bir türk qızı. S u r x a y – A y d ı nla həmyaş, həmməktəb, onun yoldaşı. D ö v l ə t bəy – Milyoner oğlu, gözəl, gənc bir oğlan. B ö y ü k x a n ı m – Dövlət bəyin arvadı. B a l a x a n – dövlət görməmiş, təsadüfi zənginlikdən quduran savadsız, kobud bir adam. N o v r u z bəy – sərvət içində böyümüş, incə məcazlı, ağırtəbiətli bir adam, 35 yaşında. Mirzə C a v a d – köhnə yaltaq mühərrir, 45 yaşında. S u s a n n a – şantan qadını. P i r q u l u – sərt təbiətli, mətin iradəli bir adam, 28 yaşında. S ə l im – azacıq qorxaq, qulluq göstərməyə can atan, 45 yaşlı, sadə ürəkli bir işçi. Q u l a m – 35 yaşında bir işçi. Ş a n t a n l a k e y i . Q u r b a n – Dövlət bəyin keşikçisi, bir qart ləzgi. İ l y a s – Surxayın yoldaşı. * * * == Faciələr == Ulduz və ya Trablis müharibəsi -5 pərdəli faciə** -Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.* İştirak edən şəxslər R a m i z U l d u z X a l i d H a r i s Ə b d ü r r ə h m a n Ş ə m s ə Ş ü e y b İz z ə t p a ş a S ə n u si Ə n v ə r C in n e r Y a v ə r B i r n ə f ə r z a b i t Ərəb * * * Ədirnə fəthi -6 pərdəli facieyi-inqilabi** İştirak edənlər R ü f ə t X a l i d Ə n v ə r Z ö h r ə İ n c i K a m a l Ş ü k r i p a ş a K a m il paşa N a z im paşa N ə m a z i Muxtar paşa M u s t a f a p a ş a M o l l a Sübhan M o l l a Hacıbaba Ş e y x ü l-İslam Q a l i b Z iy a H ə s ə n M ə h ə m m ə d Əmin D m i t r i V a s i l i Y a v ə r, Z a b i t , B i r İ n c i n a z i r , İ k İ n c i n a z i r , x a l q , c a m a a t , s ə s və s. * * * == Vəfalı Səriyyə == Əvvəlinci məclis Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir: S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb! R ü s t ə m! Səndən ayrılanı bir aydır ki, gecələr yuxum gəlmir. Sübhədək sənin xəyalınla məşğulam. Gündüzləri aramım gəlmir. Həmişə səni arzu edirəm. Ürəyimdə fikrin, dilimdə adındır. İndi dəxi aşkar adını çəkməyi mənə qadağan eləyiblər. Yox, Rüstəm, mən sənsiz yaşaya bilmərəm. Ah, keçən günlər, keçən dəqiqələr! İndi zülm ilə bizi ayırdılar. Amma sən bixəbərsən! Yox! Qoy məni öldürsünlər, amma mən səndən ayrılmaram. Çünki bizi sarıyan eşq zənciri o qədər möhkəm, o qədər qüvvətlidir ki, ayrılmaq da istəsəm, bacarmaram. Bu eşqə ölümdən başqa bir çarə yoxdur. Yox, mən elə bir vicdan sahibi deyiləm ki, belə keçmiş günlərdən sonra səni atıb qeyrisini tutum. Mən 8 yaşında idim, atam vəfat etdi. Əmim məni çox istədiyindən anamı alıb məni də öz evinə apardı. 9 il zəhmətimi çəkib oxutdurdu. Və hərdənbir deyirdi ki; "Səriyyə, səni oğlum Rüstəm üçün alacağam". Biz də bir yerdə məktəbə gedib, oynayıb gülürdük. Səhərlər Rüstəm məni aparıb məktəbin qapısından içəri salıb, öz məktəbinə gedirdi. Birbirinə can deyib, can eşidirdik. Gündüzlər məktəbdə min dəfə Rüstəmi yada salırdım. Lakin qəza işlətdiyini işlətdi. Bir ay bundan qabaq əmim də vəfat etdi. Bir həftə keçməmiş anam məni aldadıb, bir saatlığa bura, bu vİranəyə, öz dayısıgilə gətirdi. Indi bir aydır tamam qapıları üzümə bağlayıb, burada məhbus ediblər. Heç kəsə məni göstərmirlər. Ah! Nə bivəfa tale! Nə zalım zəmanə! S ə f ə r əlində süpürgə daxil olur. S ə f ə r . Xanım, dur o biri otağa keç, buranı süpürüm. (S ə r i y y ə keçir. Səfər süpürür.) Dünyada qəribə axmaq adamlar var ha! Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. Budur, mənim ağam gedib xalqın qızını, adaxlısını güc ilə tutub gətirib ki, nə var, bəs səni oğlumçun alacağam. Belə də, mən ölüm axmaq iş olar! İndi bir ay üç həftə iki gündür ki, qızı burada dustaq eləyiblər. O da, rəhmətliyin qızı, hələ uzun ağlayır. Hələ uzun "Rüstəm, Rüstəm!" – deyib başımızı dəng eləyir. İndi ağalarım buraya məsləhətə gələcəklər. Gərək otağı süpürüm. (Süpürür.) Qəribə burasıdır ki, oğulun biri razı deyil, amma atası və o biri oğlanları razıdırlar. O deyir belə, o birilər deyirlər, xeyr, belə, mən də deyirəm, lap hələ belədir ki, var. (Gedir.) H ə m z ə, Çimnaz, Camal, sonra da M ə h ə r r ə m daxil olurlar. H ə m z ə. Sən necə bilirsən, ay Çimnaz? Mən deyirəm ki, bu sözü Səriyyəyə deyək. Ç i m n a z . Səriyyənə itdir ki, bir də ona məsləhət edək. Mən razıyam, vəssəlam! H ə m z ə. Yox, deyirəm, axır ki, ona deyək. Sözdür də, razı olar… olar, olmaz… onda canını çıxardıb güc ilə razı edərik. Çi m n a z . Hərgah R ü s t ə m ilə bacara bilsəniz, S ə r i y y ə nə eləyə biləcək? Əlindən nə gələcək? H ə m z ə. Axı Rüstəmin əlindən nə gələcək? Üç nəfər əjdaha kimi oğlum var. Iki gözünü bir deşikdən çıxararlar. M ə h ə r r ə m. Xeyr, məni saymayın, çünki mən belə işə qarışmıram. Mən həqqaniyyət tərəfdarıyam. Heç vaxt haqq tərəfi qoyub nahaq tərəfə, yəni sizə, kömək edə bilmərəm. H ə m z ə. İndi guya nahaq biz danışırıq də? M ə h ə r r ə m. Əlbət! Əlbət! İki nəfər məhəbbət zənciri ilə bağlanmış cavanı zor ilə ayırırsınız. Bu ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi? H ə m z ə. Ay babıların lap, lap belə böyüyü! Bu, babıların kitabının hansı üzündə yazılıb? M ə h ə r r ə m. Xeyr, babı deyil, öz kitabımızda yazılıb. H ə m z ə. Əcəb eləyib ki, yazılıb. Öl ki, yazılıb. Sən qatışmırsan, cəhənnəmə-gora qatış. Adə, Səfər! Səfər! S ə f ə r daxil olur. S ə f ə r . Bəli, ağa! Nə buyurursan? H ə m z ə. Get, o biri otaqdan qızı çağır gəlsin. (S ə r i y y ə girən otağı göstərməyib, onunla rubəru otağı göstərir.) Özün də gəl onunla. Tez! S ə f ə r . Özümün gəlməyim vacibdir, ya ki, gəlsəm gəlmişəm, gəlməsəm yox? H ə m z ə. Özün də gəl, onu tək buraxma! S ə f ə r . Deməli, mən də saldat kimi onun yanilə gəlim ki, qaçmasın də? H ə m z ə. Adə, yeri, nadürüst oğlu! Sənə deyirəm get-get, gəl-gəl! S ə f ə r . Baş üstə, ağa! (Gedir.) M ə h ə r r ə m. Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. Çünki onlar bir-birini sevirlər. H ə m z ə. Onun ağzı nədir razı olmasın. Biz ondan xala-xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır. M ə h ə r r ə m. Hərgah şəriət və insaniyyətlə getmək istəyirsiniz, onda soruşun; razı olarsa, gözəl, olmazsa, əl çəkməlisiniz. H ə m z ə. Ona qalsa, əlbət ki, razı olmaz. M ə h ə r r ə m. Mən də bilirəm razı olmaz. Odur ki, ona zor etməyə haqqınız və ixtiyarınız yoxdur. H ə m z ə. Onu Allah vurub. Elə razı olar ki! M ə h ə r r ə m. Heç, heç vaxt razı olmaz. H ə m z ə. A kişi, sənə nə var, yapışdın yaxamıza? Nə demək istəyirsən? M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, onun hər bir ixtiyarı özündə olmalıdır. Qeyri bir kəsdə onun ixtiyarı ola bilməz. H ə m z ə. Bircə səsini kəs, vallahi durub çənəni çıxardaram! Sənə nə var! M ə h ə r r ə m. Yəni güc ilə xalqın qızını öldürəcəksiniz? H ə m z ə. Lap belə canını da alacağam. M ə h ə r r ə m. Nə qız razı olacaq. Siz də ki, nahaqsınız. H ə m z ə. Həftadi püştümə lənət yalan desəm; əgər bu işə razı olmasa, onu tikə-tikə doğrayıb quyuya tökdürəcəyəm. M ə h ə r r ə m. Onda on iki il Sibirə səyahətə çıxmalısınız. C a m a l. Onu Allah vurub, ondan ötrü adam Sibirə getsin. H ə m z ə. Adə, sən nə danışırsan? Biz məgər divan-dərə görməmişik. Canım bu divanlarda çıxıb, indi sən mənə öyrədəcəksən. Çox bədəbəd eləsə, sallam ipi boğazına, tullaram quyuya – nə dil bilər, nə də dodaq. (Səfər əlində süpürgə daxil olur.) Sonra iki nəfər şahiddir, inandıraram ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. Hər şahidə üçcə manat verərəm, qurtarar gedər. Rüstəmi də tutub salarlar oraya, vəssalam. S ə f ə r . Ağa, şahidlərin biri mən. H ə m z ə. Adə, bəs necə oldu? S ə f ə r . Nə, ay ağa! H ə m z ə. Adə, mən demədim sənə qızı çağır? S ə f ə r . Ay ağa, vallah heç yadımda yoxdur. Mən səhərdən otağı süpürürəm. H ə m z ə (durur ayağa). Adə, nadürüst oğlu nadürüst. Sən mən deyənə qulaq asmırsan? S ə f ə r . Yox, ağa, vallah qulaq asıram. Bu saat çağırım də. (Qaçır, bir azdan sonra.) A-a-ay ağa! Qız heç o-o-o-otaqda yoxdur. H ə m z ə. Adə, necə! Kafir oğlu, kafir, qız qaçıb? S ə f ə r . Bilmirəm? Ay ağa, bəlkə bu otaqdadır. Sən səhv etmişsən. (Gedib yenə tez gəlir.) Ay ağa, bu otaqdadır. H ə m z ə. Adə, ay şeytan oğlu şeytan, ürəyim düşdü ki, vay sənin abavü əcdadın gorbagor olsun. Adə, hardadır ordan çağır də. S ə f ə r . Ay ağa! Abavü əcdadım nə eləsin! Sən əlinlə bu otağı göstərdin bayaq, mən də ora getdim. Burda dəxi dədəm-babam nə eləsin. H ə m z ə. Adə, tez yeri, çağır gəlsin! S ə f ə r . Baş üstə ağa! (Gedir. S ə r i y y ə gəlir.) H ə m z ə. S ə r i y y ə, bilirsən nə var? Səni Q u r b a na vermişik. (Səriyyə ağlayır.) Bu gün nikah kəsməyə gedəcəyik. Biz gəlincə hazır ol. (Kənara.) Şadlığından ağlayır, görürsünüz, dinmir. Yəni razıdır! Çi m n a z . Mənim qızım ağıllıdır. Heç böyük sözündən çızmaz. S ə f ə r (kənara). İndi bunlar əriştə doğrayırlar, amma qız heç razı deyil. S ə r i y y ə. Mən R ü s t ə m ilə hələ uşaqlıqdan bir yerdə olduğum üçün ondan ayrı yaşaya bilmərəm. H ə m z ə. Necə? Nə dedin? (S ə r i y y ə ağlayır.) Səninlə deyiləm? De görüm nə dedin? S ə r i y y ə . Mən Q u r b a na getməyə… (Ağlayır.) H ə m z ə. Sonra nə oldu. S ə r i y y ə . Mən Q u r b a na getməyə razı… (Ağlayır.) H ə m z ə. Sonra? De görüm, tez bağrım çatladı. S ə r i y y ə . Bəli, razı deyiləm! H ə m z ə. Razı deyilsən? (Qızı vurur. Qız yıxılır və durub o biri otağa gedir.) Mən səni bu saat razı edərəm. (Q u r b a n daxil olur. Məhərrəm bunları o biri otağa qoymur.) Bax bir belə kişi, o bir nəfər! O da bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. M ə h ə r r ə m. Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz H ə m z ə. Elə tutaram ki, özü də afərin deyər. Biz nikah eləyərik, iş düzələr, düzəlməz, necə bayaq dedim, doğrarıq və aparıb tullarıq. Heç kəs də onun burda olduğunu bilmir. M ə h ə r r ə m. Bəs Rüstəm? Ona nə cavab verəcəksiniz? Bir aydan bəri həştad dəfə gəlib, içəri qoymayıbsınız. H ə m z ə. Əgər mümkün olar, onu da adaxlısı kimi edərik. M ə h ə r r ə m. Məgər Allahdan qorxmursunuz? H ə m z ə. Yox? Ya gərək onu öldürəm, ya da razı eləyəm. Artıq söz lazım deyil, vəssalam. İndi durun, gedək bir qədər paltar alaq, sonra gəlib gedək Axundun yanına. (Səfərə.) Sən burda dayan, heç kəsi bura qoyma. Burdakı qızı da bir yana qoyma getsin… Əgər bu qız qaçsa, eləcə gəlib lap atana od vuraram. S ə f ə r . Baş üstə, ağa, heç kəsi qoymaram. Hamısı gedir, Məhərrəmdən başqa. M ə h ə r r ə m (fikirdən sonra). Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, peyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gedirsiniz! Haradasınız, ey vicdaniyyət, ey həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə axtarmırsınız? Haradasınız, ey ədalət ki, bir nəfər zalımı muradına yetirmək üçün iki nəfər illərcə zəhmət çəkmiş, millətin gələcək çiçəklərini həyatından mərhum etmək istəyirlər. (Gedir, yavaş-yavaş dayanır qapının ağzında.) S ə r i y y ə . Ah, öldüm! Allah!!! (O biri otaqdan zarıldayır.) M ə h ə r r ə m. Ya rəb! Eşitgilən bu yetimin nəvasını. Gör millətin fələklərə çıxmış sədasını. Puç oldu cəhl ilə zərü zibası millətin, Ey vah!!! Puç olaydı binası cəhalətin. Pərdə * * * İkinci məclis Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub. S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm, əmim oğlu, istəklim ilə bəxtiyar yaşayacağam. Amma, heyhat! Ey dövrani-zalım! Ey taleyi-bivəfa! Bumu illər ilə gözlədiyim həyat? Bumu illər ilə intizarı olduğum istiqbal? Bumu illər ilə həsrətini çəkdiyim səadət? Beləmi günləri mən xəyalımda bəsləyirdim? Ah! Azadə bir bülbül kimi həmişə güllər arasında gəzdiyim halda, indi gör qəza məni nələrə məhkum etmiş? Alçaq cinayətkarlar kimi məni həbsə salıb, nökəri də üstümə zindanban qoyublar. Ilahi! Bu qədər zülm rəvamı? Ey rəbbim! Yox! Yox! Mən dəxi bu zülmə tab edə bilmirəm. Hər nə tövr ilə olursa olsun, mən gərək bu gün R ü s t ə mi görüb, həmin zənciriəsarəti ya tar-mar edəm, ya özüm məhv olam. Mənim dəxi səbr etməyə taqətim qalmadı. Ax! Zalım kişilər! Ərlər! Məzlumə qadınlar! Qızlar! (Oturub yazandan sonra.) Səfər!.. Ay Səfər!.. S ə f ə r (daxil olur). Nə deyirsən? S ə r i y y ə . Səfər! Hacı Muradalının evini görmüşsən? S ə f ə r . Necə, Hacı Muradın? S ə r i y y ə . Yox, Hacı Muradalının! Başa düşdün? Səfər. Yaxşı də, bunu deynən, Hacı Murad Əli. (Boğazından deyir.) Mən də başa düşüm! S ə r i y y ə . Hə, deməli, başa düşdün, hə? S ə f ə r . Əlbət ki, başa düşdüm, Murad Əli də. S ə r i y y ə . Yaxşı, orada R ü s t ə m var, onu tanıyırsanmı? S ə f ə r . Hansı R ü s t ə m? O küçədə Rüstəm o qədər var ki. (Fikirləşir.) Hə, o sizin qohumunuz Rüstəmi deyirsən? S ə r i y y ə . Hə, hə, o Rüstəmi! S ə f ə r . Tanıyıram! Sonra, nə olsun? S ə r i y y ə . Gəl səni beş dəqiqəliyə ora göndərim. S ə f ə r . Yox! Yox! Ağa gəlib qol-qıçımı sındırar. S ə r i y y ə . Ağan gəlincə gedib gələrsən. S ə f ə r . Yox! Yox! Allah xatiriyçün məndən xatanı uzaq elə. S ə r i y y ə . Səfər! Allah rizasına mənə rəhmin gəlsin. Görürsən özün, mənə nə qədər zülm eləyirlər. Mənə rəhmin gəlmirmi? S ə f ə r . Ay xanım, vallah gedərəm ha! Amma mən də qorxuram. S ə r i y y ə . Səfər! Sən gəl get, sonra bir yaxşı şey verərəm, arvadın üçün apararsan. S ə f ə r . Əvvəlcə ver, görüm nədir? S ə r i y y ə (oyan-buyana baxır). Vallahı burada heç bir şeyə gümanım gəlmir. (Boğazından ipək örpəyi açıb ona verir.) Bu ipək örpəyi əmim mənə iki-üç gün vəfatından qabaq almışdı. Ala! Apar arvadına bağışla. S ə f ə r (kənara). Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. Amma burada beş manatlıq şey mənə qalar. (Səriyyəyə.) Gedirəm, amma gərək qapını qıfıllayım. Yoxsa oğru gəlib çarığımı-zadımı oğurlayıb aparar. S ə r i y y ə . Yaxşı qıfılla. Bax, bu kağızı verərsən Rüstəmə, bildin? S ə f ə r . Bildim, bildim. Amma lənət kor şeytana, bilirəm Həmzə qol-qıçımı sındıracaq, yainki, saqqalımın tükünü yolub, sifətimi arsız sifətinə döndərəcək. (Qapını qıfıllayıb gedir.) S ə r i y y ə . Baxın, bunlar tamam məndən ötrüdür ki, mən çıxıb qaçmayım. Biçarə Səfər, ancaq üzümə deməyə utanır. Çarığımı apararlar, – deyə bəhanə gətirir. Amma o zalımlar heç utanmırlar. Bir aydır pərvanəni şamdan ayıran kimi məni də Rüstəmdən ayırıblar. Hələ srağagün anam mənə deyir ki, Rüstəm belədir, acıqlıdır, səni döyər. Mənim dayım oğlu Qurban belə gözəldir, belə pulludur, səni ona vermişəm. Mən də günahkar olub dedim ki, razı deyiləm. Sifətimə bir sillə vurdu ki, qulağım cingildədi. Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. Hərgah Məhərrəm olmasaydı, məni öldürürdülər. O, onları sakit elədi. S ə f ə r (daxil olur). A kişi, o oğlan gəlib ki, mən də bura girəcəyəm. Mən deyirəm olmaz. O heç qulaq asmır. İstədim qapını örtəm, itələdi. Əlim qaldı qapı arasında, əzildi. Aman! Aman! Vay, dədəm vay!.. Deyirəm ağam deyib buraya adam-zad buraxma. S ə r i y y ə . Eybi yoxdur, qoy gəlsin, bu saat gedəcək! S ə f ə r . Yox, heç yeri yoxdur. S ə r i y y ə . Sən allah, Səfər! Burax gəlsin, indicə gedəcək. S ə f ə r . Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, qoy elə o da gəlsin. (Gedir.) R ü s t ə m daxil olur, hər ikisi qucaqlaşırlar. S ə r i y y ə ağlayır. R ü s t ə m. Səriyyə, əhdinizdən nə tez döndünüz? Nə üçün evə gəlmirsiniz? S ə r i y y ə . Ah, Rüstəm! Rüstəm! Mən bivəfa deyiləm. Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. Amma sən məni heç axtarmırsan. R ü s t ə m. Gözəl mələyim! Mən də fərağında məcnunam. Dörd dəfə gəlmişəm, deyiblər ki, Səriyyə evdə yoxdur. Mən də bu işi sizing əhdi sındırmaq istədiyinizə… S ə r i y y ə . Ah, Rüstəm! Məni səndən ayırmaq istəyirlər. Ona görə səni içəri buraxmırlar. Məni Qurbana veriblər. Bir çarə tap, R ü s t ə m, məni xilas et! R ü s t ə m. Nə danışırsan? Kim bizi ayırır? Bu nə sözdür? S ə r i y y ə . Biz əhd eləmişdik ki, ölənə kimi bir-birindən ayrılmayaq. R ü s t ə m, əhdinə vəfa et! Məni bu zindandan xilas elə! R ü s t ə m. Gözəlim! Siz razı olmasanız , gücləmi sizi verəcəklər? S ə r i y y ə . Bəli! Güc ilə məni razı olmağa məcbur edirlər. Budur, qapılar üzümə bağlanıb, məni burada məhbus saxlayıblar. Heç kəslə danışmağa qoymurlar ki, dərdimi bir kimsə bilməsin. R ü s t ə m. Əzizim! Belə iş olmaz. Buna anan da razı olmaz. S ə r i y y ə . Yox, anam onlardan da zalımdır. Onlar hamısı qət ediblər ki, səni burada mənim yanımda görsələr öldürsünlər. R ü s t ə m. Axı nə səbəbə, nə üçün? S ə r iy y ə. Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. Mən dedim ki, razı deyiləm. Bundan ötrü məni o qədər döydülər ki, ancaq Allah halımdan xəbər tutdu. Bu işlərin də baisi Həmzə ilə anamdır. R ü s t ə m. Səriyyə, sevgilim, belə iş olmaz! Güclə şey yaramaz. Onlar bilirlər ki, biz bir-birindən ayrılmarıq! Belə iş eləməzlər. S ə r i y y ə . Yox, R ü s t ə m, sən bilmirsən mənə nə zülmlər edirlər. (Ağlayır.) R ü s t ə m. Səriyyə! Ağlama! Yenə yalvarın, görək, bəlkə rəhmləri gəldi. S ə r i y y ə . R ü s t ə m! Yalvarmaq zamanı keçib. Əgər yalvarmaq ilə olsaydı, mən çox yalvarmışam, ağlamışam. Heç bir şey olmur. Hər kəlmə üçün bir dəfə döyülmüşəm. R ü s t ə m. Bəs indi nə çarə edək? S ə r i y y ə . Bax, bir kəlmə söz üçün məni nə cür vurublar! (Qolunu göstərir.) R ü s t ə m. Allah, bu zülmlərə şahid ol! İllərlə ürəyimizdə bəslədiyimiz ümidləri məhv etmək istəyirlər. Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. Yox, Səriyyə, elə də olmaz. Lazımdır ki, bir qədər mülayimanə yalvaraq. S ə r i y y ə . Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfsəldir. R ü s t ə m. Artıq heç bir çarə yoxdur, gözəlim! Gəl nə qədər onlar burada yoxdur, qaçaq! Gəl, gedək! S ə r i y y ə Səfərə baxır. S ə f ər (kənara). Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı döyülüm! Oynayan yerli oynar. Gedin! Heç bir tikə sizi tutmaram. Gördüm dəyənək haqq-hesabı var, mən də qaçıb sizin yanınıza gələrəm. Gedin, Allah sizə kömək eləsin. (Səs gəlir.) Bircə dayanın, görüm o nə səsdir. (Gedir.) S ə r i y y ə . Deyəsən, Rüstəm, xəbər tutublar. S ə f ə r (daxil olur). Ay xanım, ağa öz oğlanları ilə gəlir. H ə m z ə (öz oğlanları ilə daxil olur). Bu nə hekayətdir? Bunu kim buraxdı? R ü s t ə m. Məgər nə olar bura gələndə? Mən buranı öz evim kimi sanıb gəlmişəm. Atam sağ olanda da mən bura gələrdim. İndi nə olub ki, məni bura buraxmaq istəmirsiniz? Mənim təqsirim nədir? H ə m z ə. Sənin təqsirini mən sənə bildirərəm. Sənin o qızın yanında nə işin var? R ü s t ə m. Məgər o qızın yanına gəlmək qadağandır? S ə r iy yə (kənara). Allah! İndi onu öldürərlər. H ə m z ə. Əlbət ki, qadağandır. Məgər sən mənim evimi nə hesab edirsən? R ü s t ə m. Mən həmişə gecə-gündüz o qızla olmuşam. Onunla böyümüşəm. İndi nə səbəbə gəlmək olmayır? H ə m z ə. Dəxi sən görən ağaclar kəsildi. Bir də o qızın yanına gəlməyə ixtiyarın yoxdur, çünki o qızı özgəyə vermişəm. R ü s t ə m. Necə özgəyə vermişəm, bəs mən?.. Mən?.. H ə m z ə. Sən bir də qiyamətdə onu görərsən? R ü s t ə m (stulu götürür). Ox, dəxi can gəldi boğazıma, ya Allah… H ə m z ə (tutur stulu). Adə, vurun bu həyasız oğlunu! (R ü s t ə m tutur Həmzənin yaxasından.) Q u r b a n. Adə, burax atamı? H ə m z ə. Adə, Q u r b a n ölmüşsən? Tapança ilə vursana. Q u r b a n tapançanı divardan götürüb Rüstəmi vurmaq istədikdə, S ə r i y y ə qışqırıb mane olur. S ə r i y y ə . Yox, onu vurma, məni vur. M ə h ə r r ə m R ü s t ə mi bayıra itələyir. Q u r b a n. Çəkil qabağımdan, sənə deyirəm. (İtələyir Səriyyəni. Getmək istədikdə M ə h ə r r ə m qoymur.) H ə m z ə. Haram olsun sizə yediyiniz çörəklər. Mən onun üçün göydə gəzirdim, yerdə əlimə düşmüşdü, niyə onu tutub sağ buraxdınız? Q u r b a n. Hərgah M ə h ə r r ə m onu qaçırmasaydı, onu bir gülləyə Qurban edərdim. S ə f ə r (kənara). Bəs necə, kişi əvvəlinci qoçudur. (Çıxır bayıra.) H ə m z ə (M ə h ə r r ə mə). Buna bax, bu da ona kömək edir. Yoxsa o mənim əlimdən sağ qurtara bilərdi? M ə h ə r r ə m. Ay ata! Belə iş yaramaz. Mən dünən də demişəm: Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. Nahaq yerə iki cavanı bədbəxt edirsiniz. Qurban onu öldürər, özü də katorqaya gedər. Qız da Rüstəmsiz yaşamaz! Nə üçün yaxın bir qohumluq arasında ədavət qalxsın. Hərgah Qurban zor ilə o qızı alsa da… heç biri bir gün görməz, fəna bir həyat qarşısında məhv olub gedərlər. Çünki Səriyyə Rüstəmi sevir, Rüstəmə aşiqdir, Rüstəm də Səriyyəyə. Bunu bir dəfə demişəm, siz nahaq yerə bu cavanları zəlalətə salmayın. H ə m z ə. Yəni sözün qısası nə demək istəyirsən? M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, Səriyyəni Rüstəmə verib, Qurban üçün özgə qız alın. H ə m z ə. Səsini kəs məlun! Yoxsa başını əzərəm. Boyuna bax! Bir qarış boyu yoxdur, bizim başımıza ağıl qoyur. M ə h ə r r ə m. Ay ata! Axı onlar bir-birini sevirlər. Onları ayırmaq da mümkün deyil. Bu sizin üçün günahi-kəbirədir. Çünki bədbəxtliyə bais siz olursunuz. Allahdan qorxun. H ə m z ə. Adə! Burada nə günah yeri var? Qızdır, o da istəyir, mən də… O alanda savab oldu, mən alanda günah? Sabah biri gəldi ki, arvadını istəyirəm. Vermədim, bu da mənim üçün bir günah oldu? M ə h ə r r ə m. Ay canım!.. H ə m z ə. Belə bir zəhrimar canım, dərd canım! Babının bir babı, gəlib bizim üçün vəkillik edəcək. Belə mənim də inadda əlim var. Ya gərək bunlar qəbirə getsinlər, ya Sibirə. Axır o qız ölsə də, verməyəcəyəm!.. Vəssalam. M ə h ə r r ə m. Əhsən möminliyinə. (Gedir.) H ə m z ə. Allah vursun sənin kimi övladı. Aləm oxuyar mömin, Axund olar. Amma bu Allah vurmuş oxuyub babı olub. Bu da camaatın təzə uşqollası! Səfər! Səfər! S ə f ə r (daxil olur). Nə buyurursan ağa? H ə m z ə. Adə, ay heyvan oğlu heyvan! Mən sənə deməmişdim qapıdan bir yana tərpənmə, bura adam-zad gəlməsin? S ə f ə r (əsə-əsə). Ay ağa! Vallah qapını qıfıllamışdım, getmişdim. Tez yenə qayıtdım gəldim. H ə m z ə. Məgər hansı cəhənnəmə getmişdin? S ə f ə r . Ay ağa! Məgər neçə cəhənnəm var? H ə m z ə. Heyvan oğlu heyvan, hələ mənimlə sual-cavaba başla! Belə hara getmişdin? (Gedir üstünə.) S ə f ə r . Vallah, ağa, qələt eləmişəm! Gələn səfər gedəndə daha qapını qıfıllamaram, açıq qoyub gedərəm. H ə m z ə. Allahü-əkbər! Adə, mən deyirəm heç getmə. Bildin? S ə f ə r . Baş üstə, ağa, istəyirsən heç qapıda da dayanmayım. H ə m z ə. Ay kişilər, belə heyvana nə deyəsən? S ə f ə r (kənara). Hər nə deyirsən de, ancaq dəyənək haqq-hesabı olmasın. Səriyyə (o biri otaqdan). Ah! İlahi!!! H ə m z ə (S ə r i y y əyə tərəf). Zəhrimar! Səni bir dərdə salım ki, dərmanın ələ düşməsin! (Qurbana.) Qurban! Səfəri apar bu tin dükandan bir kəllə qənd al, ver ona, gətirsin, gedək Axundun yanına. Səfər ilə Qurban gedirlər. Yerdə qalanlar keçirlər o biri otağa. S ə r i y y ə . Bəli! Hər bir yerdən ümidim kəsildi. Bircə ümidim qalır ki, o da şəriətimizdir. İndi məni Axundun yanına apararlar, onda deyərəm ki, razı deyiləm! Axund nikah kəsməz, sonra gərək nə olar. Belə də gözəl şəriət olar? Hər şeyi gözəl surətdə əmr buyurmuşdur. Qurban , Səfər daxil olurlar. Qurban baxır o biri otağa. S ə f ə r . Qəndi A x u n d yeyəcək, nahaq yerə çiynim əzildi. H ə m z ə. Hə… Gəlmişsiniz… Adə, Səfər, götür qəndi gedək. (Hamı çıxır.) S ə r i y y ə (yıxılır ayaqlarına). Ay baba! Vallah mən bu işə razı deyiləm! H ə m z ə. Səsini kəs, həyasız! Məgər sənin ilədir razı olmuyasan? Vaxta ki, anan və mən razıyıq, sən də qələt eləyirsən? Bir saatdan sonar səni həmişəlik adam elərəm. S ə r i y y ə n i itələyib gedir və qapını qıfıllayır. Bir azdan sonra R ü s t ə m pəncərənin qabağında görünür. R ü s t ə m. S ə r i y y ə! Ağlama! Səbr elə! S ə r i y y ə R ü s t ə mi görcək pəncərənin qabağına atılır. S ə r i y y ə . Bir az səndən qabaq anam, Həmzə və oğlu Axundun yanına getdilər. Məni aparmadılar. R ü s t ə m. Yaxşı, dəxi sən ağlama! Mən gedib bu saat Axunda sizin razı olmamağınızı bildirərəm. Salamat qal. (Gedir.) Bu halda Q u r b a n o biri otaqdan daxil olur. Qapını itələyir, qapı bağlı olduğundan, mıxdan tapançanı götürüb, yan otaqdan çıxıb pəncərənin qabağına, R ü s t ə m gedən tərəfə yüyürür. S ə r i y y ə . Ah, zalım, getdi! İlahi, sən Rüstə mə kömək ol. Bir bərk səs gəlir. Bir azdan sonra Q u r b a n qayıdır. Q u r b a n. Hə… Yaxşıdır? İndi görək nə edəcəksən? Kiminlə danışacaqsan? Kimi sevəcəksən? R ü s t ə m də öldü? S ə r i y y ə . Necə, R ü s t ə m öldü! Q u r b a n. Canı da çıxdı! S ə r i y y ə. Ah!.. Yox, mən də Rüstəmdən sonra yaşamaq istəmirəm. Dəxi mən ölüm istəyirəm. Q u r b a n. Yenə dilini kəsmirsən? S ə r i y y ə . Hərgah səndə insaf varsa, tapança ilə vur. Birdəfəlik məni bu bəladan qurtar. Q u r b a n. Sənə demirəm kəs səsini! (İtələyir, gedir o biri otağa.) S ə r i y y ə . Ya rəb, neçin rəvaqi dağılmır fələklərin? Görmürmü zalimani-cəhanın cəfasını? Zalim, nə qədər zülm eləyirsən, elə… fəqət, Axırda bu zülmün görəcəksən cəzasını! Pərdə * * * Üçüncü məclis Vaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində. Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə kitab, A x u n dun altında döşək, M o l l a Möhsün ilə söhbət edir. A x u n d. Bəli! Beytülxəlayə girmək şərtləri çox ağırdır. Odur ki, bu zamanın cavanları təharətsiz dururlar. Şəxs gərək aftafanı sağ əlində tutub, sol əli ilə qapını açsın və sağ ayağını içəri qoyub, sonra sol ayağını daxil etsin. M o l l a Möhsün. Cənab A x u n d! Bəlkə bir şəxsin əli naqisdir? A x u n d. Elə olan surətdə, ərz olunsun ağanın qulluğuna, ağayiHəmzeyiSəlyaninin buyurduğuna görə, aftafanı yerə qoyub, hansı əli ilə mümkün olsa qapını açsın! Xülasə, M o l l a Möhsün, şəriət işi çətin əmrdir. M o l l a Möhsün. Ay ağa! Bəzi müsəlman qızları uşqollaya gedir, ona bəs nə buyurursunuz? A x u n d. Mən? Nə buyuracağam! Mənim ağzım nədir! Bu barədə ülamalər buyurublar! Nəinki qızların, xeyr… lap oğlanların da oxumağı haramdır. Hətta ağayi-Səyid Həsəni-Mazəndərani öz risaləsində buyurur: hər o şəxsi ki, övladını uşqollaya qoysa, qiyamətin günü olcaq, onu burnu üstə cəhənnəmə sürüyəcəklər. Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi Axundlardan xəbər alar, vəssalam. Di, anladın məsələni? M o l l a Möhsün. Bəs deyirlər, o məktəblərdə əvvəlinci ildən şəriət öyrədirlər. A x u n d. Yaxşı, tutaram ki, şəriət öyrədirlər! Bəs niyə orada oxuyub çıxanların əksəri tərkəssəlat, qumarbaz, çaxır içən, Allahı, Quranı, peyğəmbəri, imamları və bizim kimi A x u n dları danan olur? Ey mömin kişi, hansını deyim? Keçən gün bir uşqolla uşağı Quranın tərcüməsini mənim yanıma gətirib deyir: cənab Axund, bu Qurana bax, gör yaxşı tərcümə olunub. Bə məhzi ki, mən bu sözü eşitdim, elə bil ki, rəhmətlik atamın qəbrinə od vurdular. Dedim: ay laməzhəb! Quranı da tərcümə etmək olarmı? Bu hansı kitabda yazılıb? Axı belə müsəlmançılıq olmaz, ay biqeyrət, axır Qurana da əl apardın? M o l l a Möhsün. Cənab Axund, Quranı heç mümkün deyil tərcümə etmək? A x u n d. Əlbəttə ki, mümkün deyil! Əgər sən bu sözü ürəkdən deyirsənsə, müsəlmançılığın dürüst deyil. Çünki Quranın hər kəlməsinin lap azı səkkizdən tutmuş yetmiş ikiyə qədər mənası var. Di elə Quranı tərcümə, görək nə tövr edirsən. And olsun sənin başına, cəmi üləmaların, yəni cənab Həmzəyi-Səlyaninin, ağayi-Səyid Həsəni-Mazəndəraninin və mərhum ağayi-Səyid Molla Məhəmmədi-Ordubadinin fitvaları bunadır; hər o şəxsi ki, Quranı türkcə tərcümə edə, o ağaların buyurduğuna görə, o şəxs, yəni mütərcim, ömrünün əvvəlindən ta qiyamətədək lənətə giriftar olar. Di anladın məsələni? M o l l a Möhsün. Bəli, Axund, Allah səndən razı olsun! Düz buyurursunuz. Bu halda H ə m z ə, Səfər və qeyriləri daxil olur. S ə f ə r əyləşir qapı ağzında. H ə m z ə. Salaməleyküm! A x u n d. Vay əleyküməssalam, buyurun, əyləşin! (Səfərə.) Adə, siz də buyurun bu tərəfə. Bacı, siz də zəhmət çəkin o biri otağa… S ə f ə r . Xeyr, A x u n d, yerim çox yaxşıdır! (Kənara.) Zalım oğlu yaxşı duyub işi. A x u n d. Yaxşı, bəndəyə məxsus nə qulluğunuz var? S ə f ə r . Şoğərib o qədər ağırdır ki, çiynimi lap üzüb! H ə m z ə. Cənab A x u n d, qul sahibi olasınız! A x u n d. Çox sağ ol, Allah imanını kamil eləsin. H ə m z ə. Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm edəsiniz. A x u n d. Çox yaxşı! Çox gözəl, çox pakizə, çox qəşəng. Allah mübarək eləsin. Bu barədə mötəbər hədis var. Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba səvab yoxdur, ələlxüsus, siğə ola. Üləmaların çoxu bu barədə yazırlar ki, o evdə ki, siğə oxunur, həmin evin daminə o qədər mələklər yığılır ki… S ə f ə r . Yəni sənin saqqalının tükü qədər? A x u n d. Damda yer olmaz, bir-birindən sallanarlar, bir-birini itələrlər. Axırda, ağayi Molla Hacı İbrahimi-Nəxçivaninin yazdığına görə, biri yıxılıb ayağı şikəst olar. S ə f ə r . A kişi, damı-zadı uçurdarlar başımıza, qoy görək ha!!! A x u n d. Sonradan da, əksər üləmanın, əz on gümlə, ağayi "Camişül-ülüm" Mazəndəraninin fitvasınca, o mələkin ayağı sağalar, şəfa tapar. Amma mərhum ağayi Hacı Səmədi-Məmağani öz risaləsində yazır ki, xeyr, o mələk həmişə şikəst qalar və o şikəstliyilə fəxr edər ki, siğə oxunan evin damından yıxılmışam. S ə f ə r . Ağa, bu dama gəliblər? A x u n d. Bəli! Bəli! Nə deyirsiniz! S ə f ə r . Durum bir baxım görüm, onlar necə adamdırlar? O bir dənəsi yıxılanda elə göydə tutum ki, yerə dəyib qıçı sınmasın. A x u n d. Xeyr, siz səhv edirsiniz! Onları görmək olmaz. Çünki onlar, ərz olsun ağaların qulluği-şəriflərinə, nurdan xəlq olunublar və gözə də görünməzlər. M o l l a Möhsün. Şükürlər olsun Allahın qüdrətinə! S ə f ə r . Yaxşı, cənab A x u n d, bəs siz onları nə tövr görürsünüz? H ə m z ə. Adə! Axmaq-axmaq danışma! Utanmaz oğlu, hələ durub iki saat da cənab A x u n da zəhmət verib məsələ elər. A x u n d. Xeyr! Siz nahaq yerə mane olursunuz. O çox yaxşı eləyir ki, soruşur, çünki şəriət ki, var, tük kimi bir şeydir. Bir balaca lazım olmayan tərəfə dartdın, qırılar, yəni günahkar olarsan! H ə m z ə. Əstəğfürulla rəbbi və əttöbə ileyh! Allah şeytana lənət eləsin! A x u n d (səfərə). Qaldı sizin sualınızın cavabı, ərz olsun, o mələkləri gördün və ya görmədin, vacibatdan deyil. Bir kərrə eşitdin, kifayət edər. (Qələmdandan qələm və kağız götürüb yazandan sonra.) Mənkuhə qızın və mənkuhə oğlanın ismilərini buyurun! H ə m z ə. S ə r i y y ə və Q u r b a n. A x u n d. Çox gözəl və çox pakizə. (Yazır.) Yaxşı, mənkuhə qız buradadır, ya yox? H ə m z ə. Xeyr! A x u n d. Eybi yoxdur! Eybi yoxdur! Olmamağı məsləhətdir. S ə f ə r . Zalım oğlunu kəllə qənd lap başdan çıxarıbdır! A x u n d. Yaxşı! Qızdan vəkil kim ola? H ə m z ə. Anası Çimnaz. (Səfərə.) Adə, Çimnazı çağır gəlsin. Çimnaz gəlir. A x u n d. Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana getməyə razıdır? Çi m n a z . Bəli, mən şəhadət verirəm ki, qız razıdır! S ə f ə r . Yalançının imanına tula bağlayım, heç qız razıdır? A x u n d. Yaxşı, indi iki nəfər də şahid gərəkdir. Biri qız tərəfindən və biri də oğlan tərəfindən. H ə m z ə (öz-özünə). Yaxşı, mən ollam oğlan tərəfindən. Səfər də olar qız tərəfindən. (Axunda.) Cənab Axund, bizim evdən şahid yararmı? A x u n d. A kişi, nə üçün yaramaz? O dəxi də gözəldir ki! Yaxşı, ismi? H ə m z ə. Səfər. S ə f ə r (gəlir yaxına). Nə buyurursunuz? A x u n d. Sən şəhadət vermək bilirsənmi? S ə f ə r . Hə! Şəhadət kəlməmi? Nə üçün bilmirəm, məgər mən müsəlman deyiləm? A x u n d. Xeyr, şəhadət ərz edirəm. S ə f ə r . Cənab A x u n d! Başa düşürəm, bir siz dayanın mən deyim! Əgər qələtim olsa kəlləni vur başıma. A x u n d. Siz mültəfit deyilsiniz! S ə f ə r . Bir siz dayanın mən deyim! Əşhədən-laila… A x u n d. Adə, ay heyvan, başa düş: belə bir şəhadətdən demirəm. S ə f ə r . Ay ağa, bunun cəmisi iki dənədir. Biri kəlmeyi-şəhadət, biri də kəlmeyi-torbə və ya ki, "rütubətdir". A x u n d. Kəlmeyi-torbə xeyr, ona biz üləma kəlmeyi-teyyibə deyərik. S ə f ə r . Hə… hə… tiybə… onu deyirsiniz? Onu da bilirəm. Onda heç qələtim yoxdur. A x u n d. Şəhadət deyirəm, hey… yəni şahidlik… S ə f ə r . Yəni şahid götürməyə, mən kəlmeyi-tiybəmi bilirəm. A x u n d. Baho! Siz yenə mültəfit olmadınız. H ə m z ə. Adə, bir başa düş, gör sənə nə deyirlər. S ə f ə r . Ay ağa, mən hamısını başa düşürəm. H ə m z ə. Adə, belə de ki, S ə r i y y ə Q u r b a na getməyə razıdır. S ə f ə r . O məgər kəlmeyi-şəhadətdir? H ə m z ə. Adə, biz səndən şəhadət istəmirik, şahidlik deyirik! S ə f ə r . Pəs A x u n d ağa şəhadət buyururdu, mən də ona şəhadət ərz edirdim. H ə m z ə. Yox, o da şahidlik deyirdi. S ə f ə r cavab vermir. H ə m z ə. Adə! Burda bir çətin şey yoxdur ki, deyinən o evimizdəki qız Qurbana getməyə razıdır. Başa düşdün? S ə f ə r . Əlbət ki, başa düşdüm. Qanmaz deyiləm ki, şahidlik edirəm, amma bilmirəm düzünü deyim yalanını? A x u n d. Əlbət ki, düzünü demək lazımdır. S ə f ə r (H ə m z əyə baxır). Axı qorxuram. A x u n d. Qorxma, de! S ə f ə r . Deyirəm, amma nə cür, bilmirəm. A x u n d. Yəni çe? S ə f ə r . Necə yəni çe? H ə m z ə. Adə! Dəxi 36 saat ispor lazım deyil ki, bir kərrə de qız razıdır, vəssalam! S ə f ə r . Yəni, yəni lazım deyil. Bax, mən şahidlik edirəm ki, S ə r i y y ə R ü s t ə mə getməyə razıdır. A x u n d. Xeyr, siz səhv edirsiniz. R ü s t ə mə yox Qurbana… S ə f ə r . Xeyr, cənab A x u n d, siz səhv edirsiniz, Q u r b a na yox, Rüstəmə. H ə m z ə. Adə, biz səndən Qurban sözü soruşuruq. Cənab A x u n d, bu axmaq oğlu axmaq lap çaşıb, danışdığını bilmir. A x u n d. A kişi, nökər özü nədir ki, onun şahidliyi nə ola. S ə f ər (kənara). Saqqalım yoxdur, tükü bitməyir. Saqqalım yoxdur, sözüm ötməyir. Sözün düzünü deyəndə heyvan oğlu, axmaq oğlu oluram. H ə m z ə. Ay ağa, olmaz ki, (pul qoyur A x u n dun döşəyinin altına) bu cənab şahidlik eləsin. A x u n d. A kişi, nə üçün olmaz. M o l l a Möhsün! Bu cənab sizdən xahiş edir ki, siz şəhadət edəsiniz. M o l l a Möhsün. Mən məşqülüzzuma olaram. Çünki mən heç bir şey bilmirəm və ondan əlavə iş, deyəsən, bir az şübhəli oldu! A x u n d. Şahid iki lazım olduğuna görə deyirəm və bir də bu boyda kişinin yalan deməyəcəyinə əminəm, bunun atası rəhmətlik… H ə m z ə (kənara). Xeyr a… yenə başladı əlifbeydən… A x u n d. Allah sizin ölənlərinizə rəhmət eləsin, çox yaxşı kişi idi. Həmişə ildə mənim üçün buğdasından, soğanından, qarpızından, lobyasından, noxudundan göndərərdi. Hər halda bu da atasına oxşayacağı yəqinimdir. Ona görə şahid sizi də yaza bilərəm. M o l l a Möhsün. Axı qorxuram. A x u n d. İnşaallah heç bir şey olmaz, günahı olsa, mən zamin olaram. M o l l a Möhsün. Hərçənd qorxuramsa da, amma sizin xatiriniz üçün deyirəm. A x u n d. A kişi, de, qorxma, babalın boynuma. M o l l a Möhsün. Mən şəhadət edirəm ki, S ə r i y y ə Qurbana getməyə razıdır. A x u n d. Vəssalam də! Dəxi burada bir çətin iş yoxdur. (A x u n d kağızı yazıb tamam edəndən sonra yerə qoyub, yazının üstünə torpaq töküb H ə m z əyə verir.) Allah-taala həzrətləri mübarək eləsin. Allah onları hər iki dünyada xoşbəxt eləsin. Bu halda R ü s t ə m daxil olur. R ü s t ə m. Salaməleyküm! A x u n d. Əleyküməssalam… H ə m z ə. Adə, Səfər, çıxar bunu bayıra… S ə f ə r (kənara). Bəlkə yazığın bir özgə işi var, çıx bayıra, ağa deyir, çıx bayıra, çıx! Ç im n a z . Həyasız oğlu yapışıb yaxamıza, əl çəkməz a-a… R ü s t ə m. Çıxmıram! S ə f ə r . Ağa, mən dedim, çıxmadı. H ə m z ə (durur ayağa). Adə, eşitmirsən çıx bayıra!.. Bir-birini itələyirlər. M o l l a Möhsün durub onları aram edir. M o l l a Möhsün. Otur, ay kərbəlayı, bir görək nə var! Oturun! A x u n d. Həzərat, sakit olun, görək bu cavan nə demək istəyir. Siz nə buyurursunuz? R ü s t ə m. Mən cənab A x u n ddan acizanə rica etmək istəyirəm ki, indi nə işlə məşğul olduqlarını bəndəyə buyursunlar. H ə m z ə Sənə nə borcdur? Sən kimsən? S ə f ə r . Zalım oğlu elə bil ki, asmatordur. A x u n d. Həzərat, aram olun. (R ü s t ə mə.) Nikah əqd edirdik. R ü s t ə m. Kimlərin nikahını? A x u n d. S ə r i y y ə ilə Q u r b a nın! R ü s t ə m. Aya, mənkuhə qızdan sual edib, rəyin bilib, razılığına əmin oldunuz? A x u n d. Bəli, razılıq aldım! R ü s t ə m. Bəs mənkuhə qız haradadır? A x u n d. Qız qaibdir. Lakin ərz olsun, iki nəfər adil şəxs şahidlik edirlər ki, bəs qız razıdır. R ü s t ə m. Yaxşı, şahidlər kimdir? A x u n d. Bu ağa ilə bu xanım. (M o l l a Möhsün ilə Çimnazı nişan verir.) R ü s t ə m (M o l l a Möhsünə). Cənab, siz bilirsiniz ki, Səriyyə Qurbana getməyə razıdır? M o l l a Möhsün. Hə… yox… hə… Xeyr, bilmirəm… R ü s t ə m. Cənab A x u n d! Hansı dinin fitvasınca mənkuhə qızın özündən razılıq almamış nikah icra edirsiniz?.. A x u n d. Anası şəhadət etdi, biz də nikah kəsdik! R ü s t ə m. Anası yalan deyir, bu nikaha qız razı deyil! S ə f ə r (kənara). Mən də dedim razı deyil, amma A x u n d kəllə qəndin xatirəsi üçün heç mənə qulaq da asmadı. A x u n d. Siz nə danışırsınız? Ana heç vaxt qızının pisliyini istəməz. R ü s t ə m. Mən ərz elədim ki, qız razı deyil və təvəqqə edirəm ki, qızın özünü çağırıb soruşasınız və həmin nikahnaməni pozun! A x u n d. Mən heç vaxt nikahnaməni pozmaram və qızı da tələb etməyə ehtiyacım yoxdur. S ə f ə r. Allah vara əlli qız olsun, o kəllədən əl çəkməz! R ü s t ə m. Onda siz aşkar xilaf-şər iş görürsünüz. A x u n d. Artıq-əskik danışma, bura sənin üçün teatr deyil, bayıra çıx! S ə f ə r . Bəs necə, bura A x u n dxanadır! A x u n d. Övlad ki var, ata-ananın qolubağlı quludur. Lap moltanıya da nikah etməyə hazıram. S ə f ə r . Yəqin mələklər basabas salıb, davaya tamaşa edirlər. Bu dəfə on beşinin qıçı sınar, çünki tamaşa çoxdur. R ü s t ə m. Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə necə gözəl yollar, maraqlı təriqlər var!.. Baxın, indi necə şəriətə xilaf gedən vicdansızlar özlərini şəriətmədar adlandırırlar. Əfəndim! A x u n d. Əfəndi özünsən! R ü s t ə m. Ağa! İnsaf edin, bir kəlləyə məsum və təqsirsiz bir qızı Q u r b a n etməyin. A x u n d. Çox danışma, məlun! Bayıra çıx, nainsaf özünsən! R ü s t ə m. A x u n d həzrətləri, hərgah siz o kəllədən ötrü bir bidətə iqdam edirsinizsə, o kəllənin qiymətini mən sizə verərəm. Ancaq şəriət qanununa mütabiq iş görüb özünüzü günahkar və həmin məsum, bigünah qızcığazı da bədbəxt etməyin! A x u n d. Vallah… vallah, şəriət qənim olsun hər kim yalan desə!!! Neçin günah eləyirəm. Ancaq anası şəhadət etdi, mən də inandım. Amma indi ki, siz deyirsiniz qız razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. Ona görə qızı tələb etməyə məcburam. (H ə m z əyə.) Həqiqət, qızsız nikah dürüst olmaz. Mən sənin xatirin üçün kəsdimsə də, lakin həqiqət halda dürüst deyil. S ə f ə r . Pul adı eşidəndə nə tez razı oldu! Səhərdən bu oğlan məlun idi. H ə m z ə. Baş üstə, qızı gətirərəm, amma gərək bu oğlan qız gələndəburada olmasın. Çünki qız ondan qorxub razı olmaz. A x u n d. Nə eybi var, çox yaxşı. (H ə m z ə durub Camal ilə gedir. Rüstəmə.) Siz də bir az çıxın bayırda dayanın, çünki deyirlər qız sizdən qorxur. R ü s t ə m (kənara). Bunlar hamısı hiylədir. (Çıxır.) S ə f ə r . Ağa, mələklər elə damın üstündə durublar? A x u n d. Əlbət, əlbət, ağayi Həmzəyi-Səlyaninin buyurduğuna görə, ta qurtarınca getməzlər. S ə f ə r . Ağa, məsələn, bəlkə belə yer oldu ki, damı olmadı. Məsələn, çöldə arvad birinə, bir mollaya, məsələn, sizə rast gəldi, sən də siğə elədin. Çöldə onda mələklər, dam yoxdur ki, hara yığılarlar! A x u n d. Bu barədə, ərz olsun qulluğuna, ağayi Həmzəyi-Səlyani yazır: məsəla, mən birinə çöldə rast gəldim. O mənə getməyə razı oldu və mən də siğə oxudum. Onda ağayi Həmzəyi-Səlyani buyurur ki, mələklər sallanarlar insanın saqqalından. S ə f ə r . Ağa! Bəlkə bu, arsız, qəmədiyəçi-zad oldu, yəni bığın, saqqalın qırxdİranlardan oldu. Onda hardan sallanarlar? A x u n d. Həqiqət, bu məsələ çox böyük məsələdir. Buna cavab verə bilmərəm, çünki bayaq ərz elədim: şəriət ki var, tük kimi bir şeydir. Bir az əydim, günahkar ollam. Bu sual gərək müctəhiddən soruşulsun. S ə f ə r . Ağa, mən də şəriət bilənəm ha… Çünki sözü deyən kimi əlüstü başa düşürəm. A x u n d. Bəli, bəli!.. Bu halda H ə m z ə, Camal və bir nəfər qız daxil olur. S ə f ə r . Bu qız evimizdə şimşad kimi idi. Amma indi, gör nə yastıyapalaq olub. (Baxır.) A-ha! Bu qız, boyda lap Qurbanın öz bacısına oxşayır. H ə m z ə. Hə! Cənab A x u n d, soruşun! A x u n d. Qızım, sən Q u r b a na getməyə razısan? Qı z . Bəli! Bu halda R ü s t ə m daxil olub qıza baxır. R ü s t ə m. Cənab A x u n d, bu mənkuhə qız deyil, onun əvəzində özgə qız gətirmişlər. A x u n d (Həmzəyə). Belə iş yaramaz! Sən… (Burada Həmzə pul qoyur döşəyin altına. R ü s t ə mə) Daha, o mənim borcum deyil, qız da şəhadət elədi. Daha artıq söz lazım deyil. İndi bayıra çıx!.. R ü s t ə m. Ağa, Allah xatiri üçün insaf edin, bizi bədbəxt etməyin! A x u n d. Məlun Fasiq! Mənimlən mala şərik deyilsən ki, çıx evimdən bayıra, yoxsa, güc ilə çıxardaram. R ü s t ə m. Cənab A x u n d, namərbut söyləməyin! A x u n d. Allah xatirinə bu babini çıxardın bayıra. R ü s t ə m. Ədnalar. Mən sizə göstərərəm. (Çıxır.) H ə m z ə. Bu sözlərlə bizi qorxuzmaq istəyir. Əgər sabahdan artıq sağ qaldı, mənim üzümə tüpürün. O indi mənim üstümə qışqırsın… (Durub gedirlər.) A x u n d. Allah mübarək eləsin. (Səfər kəllə qəndi çiyninə qoyub çıxmaq istəyir.) Adə, onu hara aparırsan? S ə f ə r . Nəyi? A x u n d. Əlindəkini. S ə f ə r . Bu öz çubuğumdur, səninki deyil! A x u n d. Çubuğu ərz eləmirəm. S ə f ə r . Bəs nəyi? A x u n d. Adə, belə şirnini, belə kəlləni, bildin! S ə f ə r . Əvvəldən bilirdim. Daha pul almışsan, bir də kəlləni istəyirsən. Bəs mənim balalarım acından qırılsınlar? Xudahafiz! (Qaçır.) A x u n d. Adə, haramzada, dayan! (Gedir dalınca, sonra gəlir.) R ü s t ə m (daxil olur, əlində bir tapança). Gediblər! Yoxdurlar! İndicə taparam, sizin tamahkarlığınız və xilaf-şər iş görməyiniz və onların zalımlıqları məni həyatdan usandırdı. Mən səbr eləyib, xoşluqla keçəcəyini gözlədim! Olmadı. Artıq cana doydum. Sənə, sənə, bivicdan, mən dəyməyirəm, şəriət sahibi özü səndən intiqam alar. Amma onlardan mən intiqam alacağam. Yox! Mən dəxi bu zülmə tab gətirə bilmərəm. Bundan sonra ləziz təamlar mənə zəhər, gözəl bağlarbağçalar mənə zindan olacaq. Mən dəxi bu biarlığı daşıya bilmərəm. Mən o qədər bivəfa və biar deyiləm ki, həyatını mənim yolumda fəda etməyə hazır olan cannisar və vəfalı bir məşuqəmi zalımlar əlində buraxıb gedim. Yox, olmaz! Daha asudə yaşamaq zamanı keçdi. Mən bu cür yaşamağı arzu etmirəm. Bundan sonra mən canalıcı cəllada dönməliyəm… Ya rəbbi, cövrü zülmi-ədudən usanmışam, Zalımların cəfası alıbdır dəvamımı! Beylə həyatı istəmirəm, ölməmiş fəqət Allam yədi-zuri əlimlə intiqamımı! Pərdə * * * Dördüncü məclis Vaqe olur birinci məclisdəki otaqda, lakin gəlin üçün bəzənibdir. Bir kravat üstündə rəxtxab. S ə r i y y ə oturub, M ə h ə r r ə m daxil olur. M ə h ə r r ə m. Bunlarda xəta var, qanları qaynayır. Bilirəm burada fövqəladə bir iş… Ah, bədbəxt qız! Səni azad etməyə məndə iqtidar yoxdur ki, bari az da olsa sənə kömək edim. (Tapançanın gülləsini boşaldıb gedir.) S ə r iy yə. Ah, dünya! İllər ilə ürəyimdə bəslədiyim şirin-şirin ümidləri məhv etmək istəyirlər, amma, heyhat, əbəsdir, ta mən ölməyincə onlar istədiklərinə çatmazlar. H ə m z ə və Çimnaz daxil olurlar. H ə m z ə. Yenə nə danışırsan? Çimn a z . Neçün ağlayırsan? S ə r i y y ə . Mən Q u r b a na getmirəm! Ay baba, mənə mərhəmət et. Məni azad elə, Allah xatiri üçün, mənim bir kəsim yoxdur. H ə m z ə. Səsini kəs! Həyasız! Hərgah bir də danışsan, səni doğratdırmayan lap kafir, mürtəddir. Bax, bu saat Q u r b a n bura gələcək, tapşırmışam, onda bir kəlmə o yan bu yana danışsan, səni öldürməmiş yanıma gəlməsin. Yox, sən bizimlə inad yeritmək istəyirsən. Çi m n a z . İnadına-zadına bax! Səni bir dərdə saldırım ki. Yox, böyüklərindən mən nə gördüm ki, kiçiklərindən sən nə görəsən! Şir kimi dayım oğlu durub, səni itin birinə verəcəyəm! Demişəm, qoy o öldürsün! Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən! Ya heç kəs bilməmiş, aparıb qoyaram səni qəbrə, gələrəm. S ə r i y y ə (anasının ayaqlarına yıxılır). Ay ana! İtdir, hər nədirsə, mənim ürəyim onu sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm, mən onu sevirəm, sən məni ona ver, qoy mən gün görmüyüm. Ah! Ana, ana, ana! Barı sən, sən rəhm et! Çi m n a z (onu itələyir). Rədd ol burdan! Həyasız! (Gedirlər.) S ə r i y y ə (durub onun dalınca). Get, get! Alçaq qadın, xain! Sən məndən ötrü ər bəyənmişsən! Hüsniyyə daxil olur. Hü s n i y y ə . Səriyyə, sənə nə olub? Nə üçün ağlayırsan? Mən sənin kitabını gətirmişdim, evinizə getdim, dedilər ki, buradasan, mən də bura gəldim. S ə r i y y ə . Ah! Hüsniyyə, mən kitabı istəmirəm. Apar, o kitabı sənə yadigar verirəm. Mən bir saatdan sonra öləcəyəm. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. H ü s n i y y ə . Səni kim və nə səbəbə öldürəcək? Nə deyirsən?(Qulağına söz deyir.) Bəs Rüstəm hanı? S ə r i y y ə . Ay Hüsniyyə! Rüstəm də bir tək adamdır, nə eləsin! Amma bu zalımlar çox! Ah, Hüsniyyə, sən gedəcəksən, Rüstəmə de, məni halal eləsin. Mən dəxi onu görə bilmərəm. (Onu qucaqlayır.) Əlvida, bacım, axırıncı dəfə ayrılmağımızdır. Hüsniyyə gedir, Səriyyə xəncəri götürür. Q u r b a n daxil olur. Q u r b a n. Salaməleyküm! S ə r i y y ə (ağlaya-ağlaya). Əleyküməssalam! Q u r b a n. Ağlama! Məgər R ü s t ə m məndən artıq cayıldır? Elə oğlanların palan başı əllisini döyərəm. Pul istəsən, məndə! Mal istəsən, məndə! İgidlik istəsən, məndə! Adam öldürməklik desən, məndə! Oğurluq-doğruluq desən, məndə! Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan? Otur, oyna, gül, danış; adam axmaq olmaz! Elə oğlanların onun tutub baş-başa vurram, başı partlar. S ə r i y y ə . Q u r b a n, sən cavansan, mənə rəhm et! Mənim bir kəsim yoxdur. Sən məni azad et, çünki mən R ü s t ə mi sevirəm. Q u r b a n. Necə? Nə dedin? Yenə R ü s t ə min sözünü danışırsan? H ə m z ə (Qurbana baxır). Bax, hərgah iş oyan-buyan oldu, öldür… cəhənnəmə… O arvadlığı ilə bir belə kişi ilə inad yeritsin? Sallıq bir kisəyə, gecə aparıb tullarıq şəhərin kənarına və bu işi də salarıq Rüstəmin boynuna. Qorxma, oğul! Q u r b a n. A kişi, nədən qorxuram? Şir kimi Əli Səttarı öldürəndə qorxmadım? İndi bir qız üçün qorxacağam? H ə m z ə. Ya gərək onu bu gün öldürəsən, ya həmişəlik lal edib oturdasan. (Gedir.) S ə r i y y ə . İlahi, indi ölməyim yəqindir! Q u r b a n (oturur). Səriyyə bura gəl! (S ə r i y y ə ağlayır.) Ağlama sənə deyirəm. (S ə r i y y ə ağlayır.) Ovqatımı təlx eləmə! Ay qız, bəsdir; qulağımız dəng oldu. Allahü əkbər, acığımı çıxardır ha! (Gedir üstünə.) Ay qız, sənə demirəm dur bura gəl? M ə h ə r r ə m daxil olur. M ə h ə r r ə m. Qurban, qardaş, neçün belə pislik eləyirsən? Bu hələ həyatınızın ibtidasıdır belə lənglik ilə gedir. Bəs gələcəkdə nə tövr olacaq? Q u r b a n. Gələcəkdə bax, o cür. (Tapançanı göstərir.) M ə h ə r r ə m. Qardaş, neçün özünü və o məsum balanı bədbəxt edirsən? Mən eşidirdim, atam sənə deyirdi ki, qızı öldür! Neçün? Q u r b a n. Sən mənim üçün vəkil deyilsən! Bayıra çıx! Sənin nə ixtiyarın var mənim otağıma gəlmişsən? M ə h ə r r ə m. Qardaş, Allaha bax, ona rəhm elə! Q u r b a n. Sənə deyirəm, çıx bayıra, yoxsa. (M ə h ə r r ə mi itələyir bayıra.) Ay qız, qanımı qaraltma, dur bura gəl! Sənə deyirəm, dur bura gəl. (S ə r i y y ənin qolundan tutub sürüyür. Hüsniyyə baxıb gedir.) S ə r i y y ə . Burax! Dəli, biinsaf, bimürvət! Mən hərgah Rüstəmə aşiq olmasam da, sənin kimi vicdansızla yaşamağı özümə ar bilirəm. Bir insan ki, oğurluqla, adam öldürməklə fəxr edə, vəhşilik ilə iftixar edə, mən sadə ürəkli bir qız onunla yaşamağı özümə həqarət bilirəm! Alçaq! Zalım! Vəhşi! Öldür məni, daha mən ölümdən qorxmuram. Mən belə həyatı arzu etmirəm. Sənin kimi vəhşi, quldur, bihəya, binamusla yaşamaqdansa, ölüm, ölüm gözəldir. Q u r b a n. O sözləri mənə deyirsən? S ə r i y y ə . Bəli! Sənə, sənin kimi vicdansızlara! Q u r b a n. Mən dəxi sənin kimi arvadı istəmirəm. Əjdaha kimi igidlər mənim qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə sözlər deyirsən? (Yüyürür tapança üstünə.) S ə r i y y ə . Mən ölümdən qorxmuram. Əlvida, ey sevgilim Rüstəm! Burada S ə r i y y ə qəşş edir. Q u r b a n iki dəfə tapançanı atır. Lakin açılmır. Tapançanı yerə atıb, mıxdan xəncəri götürür. S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m daxil olub göydə xəncəri tutur. R ü s t ə m. Dayan, zalım oğlu, nə qayırırsan? Q u r b a n. Burax, kimdir məni tutan? Qışqırığa H ə m z ə, Çimnaz, Camal daxil olurlar. Çimnaz və Həmzə Rüstəmin tapançasını dartırlar. Rüstəm buraxmır. H ə m z ə. Adə, Camal, yeri, xəncəri götür. Camal xəncəri götürüb S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m yeriyib yerdəki xəncəri Camala endirmək istəyir. Bu halda Q u r b a n durub Rüstəmin tapançasını götürür. Q u r b a n. Qoy əvvəl bu həyasızı vurum. H ə m z ə. Adə, vur də. P r i s t a v və i k i kazak daxil olur. P r i s t a v . Dayanın! Nə qayırırsınız? Hamısının əli göydə durub dayanırlar. P r i s t a v . Bu nə hadisədir? H ə m z ə. A, a, ay ağa, vallah bu oğlan evimizə oğurluğa gəlib; bizi öldürmək istəyir, odur qızı vurub öldürüb. Hü s n i y y ə . S ə r i y y ə, gözəl bacım, məgər səni öldürüblər? Yox, ölməyib. P r i s t a v . Qızı kim vurub? H ə m z ə. Vallah, billah, bu bizə oğurluğa gəlmişdi. Qızımı da öldürüb. P r i s t a v . A kişi, yalandan nə üçün and içirsən? Qızı o (Qurbanı göstərir.) vurmaq istəyirdi ki… H ə m z ə. Yox, imanım, dinim haqqı o qoymurdu qızı öldürsünlər. Bu halda S ə r i y y ə yavaş-yavaş ayılır. Hü s n i y y ə . Kişi, bu oğlanmı o qızı öldürmək istəyirdi? H ə m z ə. Ay ağa! Balalarının başına dolanım, vallah, billah, getdiyim Beyt haqqı, iki nəfər şahidim var, istəyirsən gedim çağırım ki… P r i s t a v . Kəs səsini! Cinayətkarlığı bəs deyil, yalan da danışır! Yalan danışmağı bəs deyil, and da içir. S ə f ə r . And bir şey deyil ki! H ə m z ə. Başına dönüm, ay ağa!.. P r i s t a v . Səsini kəs, bəsdir. Bağlayın bunların qollarını! S ə r i y y ə . Cənab pristav, məlumunuz olsun ki, cinayətkarların əvvəlincisi bu arvad, mənim anamdır. Çi m n a z . Başına dönüm, ay qız, bu vaxtımda məni qazamata göndərmə. S ə r i y y ə . Get, xain! Mən sənin qızın deyiləm! P r i s t a v . Sizin başınıza bir divan gətirim ki, özünüz mərhəba deyəsiniz. Yoxsa siz ədalət qanununu unutmuşsunuz nədir? M ə h ə r r ə m (daxil olur). Hə… Əleyküməssalam… Mən sizə demədim ki, belə iş eləməyin Allahın bəlasına gələrsiniz? Indi gedin, hərənizin belinə on iki il katorqa gələr, onda ağıllı olarsınız. H ə m z ə. M ə h ə r r ə m! Sən də gəl bizimlə gedək, çünki biz yaxşı urusi dilini bilmirik. M ə h ə r r ə m. Xeyr, bəndə məzurdur! Uşaq deyilsiniz ki, divandərə görməmişsiniz məgər? Canınız bu divanlarda çıxıb. P r i s t a v (Rüstəmə). Siz evinizə gedə bilərsiniz. (Məhərrəmə.) Bu ev də sənindir? M ə h ə r r ə m. Bəli! R ü s t ə m. Biz siz alicənabdan çox razıyıq, zira bizim hər ikimizi doğru ölümdən qurtardınız. P r i s t a v . Razılığınıza qarşı təşəkkür edirəm. (Kazaklara.) Hə… sürüyün bunları! (Getmək istədikdə.) S ə f ə r . Ay ağa, ay ağa! P r i s t a v . Adə , nə var? S ə f ə r . Ağama demək istəyirəm. (H ə m z əyə.) Ay ağa! Sən bayaq dedin ki, Rüstəmi də, Səriyyəni öldürərik, tullarıq. Əgər Rüstəm olmasa, Səriyyəni öldürərik, sonra iki nəfər şahid tutub hərəsinə üç manat verərik, gedib deyərlər ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. İndi mən də deyirəm ki, üç manatı mənə ver, bir şahid məni elə. P r i s t a v . A! A! A! Dəlidən doğru xəbər. Qoçaq, gəl sən də bizimlə, məhkəmədə elə bu sözləri de. S ə f ə r . Nə eybi, gedim də. Hamı gedir. S ə r i y y ə (Məhərrəmə). Mən sizdən çox razıyam. Çünki siz mənim azad olmağıma çox çalışıbsınız. M ə h ə r r ə m. Təşəkkür edirəm! R ü s t ə m. Yaxşı, indi götür çarşabı biz də gedək. (Qapı ağzında.) Qoyma, ya rəbb, zalimi bir kimsəni xar etməyə! Bir kəsə zülm eləyib, dərdə giriftar etməyə! Pənceyi-zalimdən, ey rəbbim, qutar məzlumu sən, Qoy heç İsanı Yuda təneyi-zar etməyə! Pərdə * * * == Oqtay Eloğlu == Oqtay Eloğlu -6 pərdəli faciə** İştirak edənlər O q t a y E l o ğ l u F i r ə n g i z S e v ə r S ə m ə d b ə y G ü l g ə z H a c ı Z a m a n A s l a n b ə y N a d y a N ə r g i z T a m a r a X a s p o l a t M a z a n d a r a n s k i Ş a h q u l u Ş ə k i n s k i D u r s u n M u x a n E l x a n l ı R ü s t ə m Ö z d ə m i r Ş v a r t s Q a ç a q M o o r * * * Birinci pərdə Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər. N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar. F i r ə n g i z. Yaxşı, Nadya, bu gün daha utanmayacağam, gələcəyəm. (Gedirlər) Oqtay və Tamara girir. O q t a y. O, tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısəndasənız, əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə. (Göstərir.) Deyirsiniz. Söyləyin. T a m a r a. Onun xabarı bala yoxdur. O q t a y. Yenə bala! Belə ey, belə! T a m a r a. Nu, bala je deyirəm. Bala, bəla! O q t a y. "Bala" eto rebyonok, "bəla" eto nesçastye, a "belə" eto znaçit tak. D u r s u n. Oqtay, salonu dağıtdılar. Saat ondan işləyir. O q t a y (Dursuna). Bu saat. (Tamaraya) Siz öyrənin, mən bu saat! T a m a r a. Oqtay mən rolumu yaxşı öyrənmişəm, ancaq bir az sözlərini deyə bilmirəm. D u r s u n. Bəs biz nə sayaq eləyək, gecə keçdi, heç bir şey hazır deyildir. O q t a y. Xaspolat gəldimi? D u r s u n. Yox! O q t a y. Şəkinski? D u r s u n. Heç birisi. O q t a y. Dedim ki, evlərinə adam göndərin. D u r s u n. Üç yol göndərmişəm, evdə yoxdur. O q t a y. Axı indi mən başıma nə daş salım?! Bu da insanlıqdır ki, camaatı dörd divar arasına doldur da, özün baş götür, çıx get! Axı biri anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da qaçırırsınız. M a z a n d a r a n s k i. Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarəm verilməlidir. D u r s u n. İndi nə etməli? O q t a y. Bəs Tabasaranski haradadır? Get, söylə, adamlar gəlməmiş adam tapsın. M a z a n d a r a n s k i. Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər. D u r s u n. Oqtay! Bu gecə heç bir şey çıxmayacaqdır. Camaat da azdır. Çarəsi yox, oyunu saxlamalıyıq. O q t a y. Olmaz! Sən get, söylə adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə oynada bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa, oyun getməlidir. İvanovski haradadır? (Getmək istərkən.) T a m a r a. Oqtay bəs mən nə parik geyəcəyəm? O q t a y. Tapşırmışam, gedin, alın! R ü s t ə m (bağıraraq). Oqtay, bu zəhrimar qalxanın bəs dəstəsi olmaz? O q t a y. Allahın boynu sınsın, bilmirəm, bu 400 milyon qoyun kimə gərəkdir?! Qardaşım, qalxanın dəstəsi yoxdur, bax, budur, bir parça ip, sarı, olsun dəstə. Ş a h q u l u. Oqtay, İvanovski Gavədən əvvəl Zöhhakın taxt-tacını sərnigun elətdirdi. Deməli, oyun qurtardı. O q t a y. Əsəd bəy onu görmədimi. Ş a h q u l u. Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti-xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan da olsa, mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynamasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara söykədilər. Özləri də gedirlər. O q t a y. Yəni kassada heç pul yoxdur? Heç olmasa... Ş a h q u l u. Baxdılar, vur-tut səkkiz manat pul var idi. Onu da paltar üçün vermişlər. O q t a y. Allahu əkbər! Ş a h q u l u. Oqtay, indi ki Əsəd bəyə də demişsən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox... O q t a y. Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz; anladınızmı? Şahqulu, al bu üzüyümü apar ver, söylə, sabah parasını düzəldib verərik. (Şahqulu gedir.) Tabasaranski nə oldu? Dursun! (Çağırır) D u r s u n. Tabasaranski keflənmiş, yatmışdır. Dedim, dedi, cəhənnəmə olsun hamısı, oynamasın. Deyir, mən rejissoram, belə deyirəm. O q t a y. Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən də soyunsun, Xaspolatın rolunu oynasın. M a z a n d a r a n s k i. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki... R ü s t ə m. Oqtay, qılıncım yoxdur ha. D u r s u n. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də qumar oynayır. Qulaq asmadılar. (Dursun gedir.) T a m a r a. Oqtay, daha mən də gedib soyunum da. O q t a y. İlyas! (Getmək istərkən) Bir dəqiqə durun. Ş ə k i n s k i. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. (Bağıraraq çıxır.) O q t a y. Zəhrimar, Leyli adlı bir gözələ, səkkiz saatdır camaat gözləyir, saat on birdə durub gəlmiş ki, Leyli adlı bir gözələ. Ş ə k i n s k i. Saat on bir haradan oldu? Nə eləyim acından ölməyəcəyəm ki, işim bitməmiş durdum gəldim, deyəsən, saman yeyəcəyəm. Top kimi partlayır. Sanki əlimə imperial-filan sayacaqdır. O q t a y. Əzizim, quzum, gözüm, mən pul alıram, sən yox? Boynuna götürmüşsən, barı camaatdan, səhnədən utan! Ş a h q u l u. Oqtay, İvanovski çıxıb getmiş, üzüyü verdim, Dursun aparıb onu tapsın. Bilmirəm... X a s p o l a t. Oqtay, mən hansı qapıdan çıxacağam? Ş a h q u l u. Heç qapı var ki, çıxasan! O q t a y. Odur də, Xaspolat, əzizim, bu vaxtadək haradasan? X a s p o l a t. Vallah, Oqtay, bir-iki gün orucum qalmışdı ki, bu gün iftar açdım. O q t a y. Oruc sənin belini sındırsın! Məsuliyyət qanmayan dilsiz-ağızsız heyvanlar kimi əyilib-qalxan, yeyib-yatan zavallılar. On gündür çalışıram, deyirəm, gecə yarıdır, durub gəlmişsən, hansı qapıdan çıxacağam! Gəl bura, Muxan oturdu, soldan çıxdın... Baş əydin. Əyil. (Özü əyilir) Əyil də! X a s p o l a t. Oqtay, mən orada elərəm. Ş a h q u l u. Qorxur ki, hərəkətini oğurlarlar. O q t a y. Yaxşı. (Xaspolada) Sözünü de. X a s p o l a t. Oqtay! Vallah, mən axşam deyərəm. O q t a t. Canım, axşamdır də. Saat on birdir ki, evini Allah yıxmasın, hanı rolun? X a s p o l a t. Vallah, yadımdan çıxıb evdə qalıb. O q t a y. Of! Allah sizi qırsın. Yaxşı, baş əydin. Əy də, qardaş! Belində ağac bitməyib ki! M a z a n d a r a n s k i. Oqtay, mən bilirəm, Xaspolad neçin əyilmir. Qorxur ki, əyiləndə papağı düşər, başının keçəlliyi görünər. X a s p o l a t. Zəhirmar, dərd, sarsaq oğlu sarsaq! * * * == Hekayələr == Aslan və Fərhad Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm. Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi, amma digər əhli vicdan, pak və müqəddəs bir şəxsi xar edib ayaqlar altına saldı, hər tərəfdən onu fəlakət buludları çuğladı, o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qeyri bir tövrlə canını həyatın əzablarından qurtarıb qara torpaq altına girməyə məcbur etdi. Ola bilsin ki, siz buna etiraz edəsiniz, möhtərəm oxucularım! Amma səhv edirsiniz. Hər addımda milyonlarla buna sübut tapılar. Onlardan biri də yuxarıda söylənilən ailədə baş verən hadisə ola bilər. Fərhad Aslan və Züleyxanın ata-anası kiçik bir kənddən olub, güzəranın ağırlığından köçüb şəhərə gəlmişdilər. Bunlar da hər üçü şəhərdə doğulmuşdur. Illərlə qürbət vilayətdə zəhmət və məşəqqətlə ailəsini dolandıran Aslanın atası, Aslan on altı yaşına yetdikdə vəfat etdi. Bir yandan Aslan nökər durub, o biri tərəfdən də anası qulluqçuluq edib, altı yaşında olan Fərhadı və beş yaşında olan Züleyxanı saxlayırdılar. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. Biçarə ana ölümünə deyil, əziz və hənuz səbavət badəsi ilə bihuş olan balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. Amma əcəl heç bir məzluma rəhm eləyib aman verməz, bərəks, hamısını dünyadan intizar köçürməyə səy edir. Qışın soyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi. Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə olaraq, dövrəsinə yığılan əziz balalarının rəngi solmuş sifətlərinə baxırdı. Onlar isə analarının halını görüb: “Anacan, bəs biz?” – deyib səs-səsə verib ağlayırdılar. Külək vəhşi və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta evə girib xırda uşaqları payız yarpağı kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da ürəyi davam etməyib zar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yox idi ki, bu fəlakətzadələrə təsəlli verəydi, onları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da gücləşirdi, onsuz da sınıq olan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı. Lampanın ziyası yavaşyavaş sarımtıl bir rəng alırdı. Bu işıq uşaqların solğun üzünü daha da qəmginləşdirirdi. Uşaqlar ürəkyandırıcı bir səslə ağlayır. “Anacan, ölmə!” – deyib çığırırdılar. Ana biixtiyar balalarının üzünə baxıb ağlamaq istəyirdisə də, taqəti yetmirdi. Yavaş-yavaş gücdən düşürdü. Axır nəfəsdə biçarə ana tamam gücünü yığıb, qollarını açdı, balalarını qucaqlayıb öpdü və zəif bir səslə dedi: “Balalarım mən ölürəm. Birbirinizdən muğayat olun. Bir elə adam yoxdur ki, sizi ona tapşırım. Aslan, sən onlardan yenə bir az böyüksən, bir ümidim sənə gəlir. Aslan, oğlum, barı sən balalarıma kiçik pasiban ol. Ilahi, üç nəfər yetim balamı sənə tapşırıb gedirəm... Can balalarım!”. Ana gəlinlikdən bir örpək saxlayırdı. Aslana tapşırdı ki, onu Züleyxaya versin. Ondan başqa heç bir şeyə gümanı gəlmirdi. Ana bir də balalarını öpüb, yaşla dolu gözlərini yumdu... Üç nəfər fəlakətzədə, pasibansız dünya üzündə qaldı. Soyuq qış günləri... dolanacaq yox... tanış yox... bəs bunların halına kim yanacaq? Yenə biçarə Aslan... Axırıncı ümid o idi. Hərçənd o da uşaq idi, ancaq o birilərdən böyük olduğu üçün hər zəhmətə o qatlaşmalı idi. Doğrudan da Aslan qayət-qəyur, çalışqan bir uşaq idi. Bütün günü küçələri gəzdi ki, özünə bir iş tapsın, mümkün olmadı. Son qəpiklərinidə xərcləyib qurtardı. Nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq vermədi. Utandığından da heç kəsə dərdini açıb deyə bilmirdi. Yenə axşam oldu. Evə qayıtdı. Pul yox... çörək yox... Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. Aslan onların üzünə baxmağa utanırdı. Hərdən qaşını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə bütün əzası inildəyirdi; nəhayət, o tab gətirməyib gizli-gizli ağlamağa başladı. Bu yaşda bir uşağın üstünə bu qədər əzab düşəndə, əlbət ki, özünü itirər. Uşaqlar: “mən acmışam”, – deyə zırıldayırdı. Uşağa hər möhnət üz versə, anasına gümanı gələr; onlar da “ana” deyib ağlayırdılar. Aslan uşaqların başını dizi üstündə qoyub ovundurmağa çalışırdı; “Ağlamayın, Fərhad, Züleyxa... Sabah sizin üçün çoxlu-çoxlu şey alacağam”. Uşaqlar bir-iki saniyə sakit olur, sonra yenə ağlayırdılar. Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın solğun işığı pəncərədən uşaqların tutqun üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan yorulmuş kimi, başlarını Aslanın dizi üstə qoyub uzandılar. Ayın solğun işığı hərdən buludla pərdələnib uşaqları qaranlığa qərq edirdi. Aslan daha məhzun bir halda qardaşına və bacısına baxır, gah da onların halına çarə arayırmış kimi məlul-məlul ətrafını süzürdü. Onun qəmgin gözlərində sayeyi-küdurət və kədərdən başqa heç bir şey görünmürdü. Bəli, təbiət gərdişi-insaniyyətlə elə bir düşmən deyil ki, fəlakət günündə onlara bir çarə arasın; bərəks, həmişə onların fəlakətindən istifadə edib, onların daha da sərnigun olmasına səy edir. Biçarə insanlar, bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının sənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar?! Təbiətin insanları dünyaya gətirməkdə məqsədi, onlara əzab vermək deyilmi? Insanın düşməni qüvvətli və mərd olarsa, elə qorxulu olmaz, nə qədər ki, bu düşmən hiyləgər ola. Insan dünyaya gəlir, təbiətin xain dayələri əlində qərəzgarana məqsədlə nəvaziş olunur, bəslənilir, bununla məxluqu minnətdar edir ki, sizə həyat verdim. Amma neçə illik həyatın hər dəqiqəsi bir sirri-maeyi-əzab deyilmi? Hələ insan bir qədər mətanətli olarsa, onun üçün qurulan torpaqların bir qədərindən özünü xilas edə bilər. Amma vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında bir fəlakət uçurumu açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış... Cəmi məxluqat cəm olub təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə rəf etməyə qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da... ölümdür!.. Bir dəqiqə öz seydinə fürsət və azadəlik verməz; hara getsə, kölgə kimi onu təqib edər. Hər saniyədə, hər nəfəsdə insan onu gözləyir. Bu intizar isə ölümün özündən daha müdhiş deyilmi? Insanların bu qədər şirin saydıqları və məhəbbətlə adını yad etdikləri həyata bircə kəlmə ilə “əzab” adı versəydilər, daha da gözəl olmazdımı?! Kiçik daxmada üç nəfər fəlakətzadə, xəyalat içində huşa gedib, bir-birinə sarılmışdı. Yavaş-yavaş sübh açılırdı. Aslan tez qalxıb, “uşaqlar oyanmasın”, – deyə bir tək olan köhnə yorğanları ilə üstlərini bərk örtdü, bayıra çıxdı. Küçədə belə tezdən heç kəs yox idi. Aslan xəyalat içində yol yeriyir, hara gedəcəyini özü də bilmirdi. Budur, uzaqdan bir qaraltı gəlir. Aslan yavaş-yavaş ora gedir ki, nə olduğunu görsün. Burada bir nəfər Hacı ticarətdən gəlib vaqondan düşmüş, səhər erkən faytonla gəlirkən faytonun çarxı yolda sınıb, Hacı piyada qalmışdı, iki böyük çamadanı əlinə götürüb gedirdi. Aslan utandığından yavaşca Hacıya baxaraq, kəmal-ədəblə dedi: – Hacı əmi, sənin üçün ağırdır, ver, birini mən aparım, sənə kömək edim. Doğrudan da Hacı elə gözləri ilə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. Amma o vaxt küçədə heç kəs yox idi. Hacı diqqətlə Aslanın məhzun və sarımtıl üzünə baxıb çamadanın birini ona verdi. Yolla gəldikcə Hacı diqqətlə Aslana baxırdı. Aslanın qızmış gözlərində olan məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi. Axırda Hacı ondan: – Oğlum, sən kimin oğlusan? Haralısan? Nə üçün belə məhzunsan? – deyə sual etdi. Aslan utana-utana öz macəralarını ona söylədi. Hacının isə ona ürəyi yanıb dedi: – Gəl mən səni nökər saxlayım. Aslan məmnuniyyətlə razı olub Hacıdan xahiş elədi ki, pulsuz da xidmət eləməyə hazırdır. Ancaq belə olsun ki, iki nəfər yetim qardaş və bacısının dolanmasına da Hacı etina etsin. Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada öz qardaş və bacısını sakin eləsin. Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün gizlətsin. Aslan gecə-gündüz səy edir, çalışırdı, Hacı isə bunu görüb onlarla daha da gözəl müamilə edirdi. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı. Bu vaxtdan on il keçdi. Aslanın məvacibi bir qədər artmışdı. Fərhadı isə Hacı məktəbə qoymuşdu; iki il qalmışdı ki, gimnaziyanı qurtarıb instituta girsin, oxuyub mühəndis olsun. Aslan isə əziz və bu qədər zəhmətlə saxladığı qardaşının dörd və ya beş ildən sonra mühəndis olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir... Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. Hələ qızılgül yarpaqları kimi təravətli və ondan daha qırmızı olan, qanı axar dərəcəsinə qədər zərif olan dodaqları insanı badeyi-məhəbbət kimi bihuş edirdi. Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. O isə Züleyxanın sərvi-qamətinə, bulud kimi bürünən qara saçlarına çoxdan vurulmuşdu. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? Amma Əsgərin Aslandan çox acığı gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursa çalışırdı ki, onu evdən rədd etsin. Lakin atası onun sözünə baxmırdı. Züleyxanın da məhəbbəti qoymurdu ki, Aslana bir söz desin. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsnrəğbətini qazansın, mümkün olmurdu. Hacı Saleh çox çalışırdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. Nəhayət, Hacı, Züleyxanı almağı ona təklif etdi. Əsgər məmnuniyyətlə razı oldu. Hacı bu işi Aslana söylədikdə, Aslan bacısının dövlətli evində bəlkə xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb, Əsgəri sevmirdi. Lakin qardaşının xahişinə əməl etməyə məcbur oldu; zira, görürdü ki, qardaşının hər bir işi Hacının əlindədir. “Bəlkə bu, qardaşımın da dolanacağına təfavüt elədi”, – deyə xah-naxah razı oldu. Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, qorxurdu bəlkə atası Aslanı da onunla öz malına şərik elədi. Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb, gün-gündən sınıxırdı. Aslanın indi bir qədər pulu var idi, Fərhad oxuduğu üçün ona xərcləyirdi. Lakin bir qədər pulla alış-veriş etdi. Amma get-gedə pulu azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq Aslan deyirdi: “Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsın, sonra o mənə kömək edər”. Amma Fərhad daha əvvəlki kimi dərsinə səy edib həvəslə oxumurdu. Məktəbin axırıncı sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çox fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu. Əvvəlləri Fərhad qardaşının çəkdiyi zəhmətləri, onun üçün çalışmasını görüb, ürəyində deyirdi: “Mühəndis olan kimi qardaşımın başının altına bir qu balış qoyub, heç bir işə onu əl vurmağa qoymayacağam. Mən qazanacağam, o yeyəcək. Bəlkə bu tövrlə onun xəcalətindən çıxam”. Qardaşının güzəran üçün çətinlik çəkdiyini görüb utanardı. Amma indi tamamilə dəyişmişdi. Qardaşının etdiyi yaxşılığı unutmuşdu. Fikrində bulvar qızlarından başqa bir şey yox idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey lazımdır... bir beş manat ver, filan şeyüçün də on manat lazımdır... Aslan da hər gün öz fəhləliyində olub, Fərhadın işindən xəbəri yox idi. Ancaq dərs pulu, kitab pulu verirdi. Bir vaxt Aslan gördü ki, qəpik pulu qalmayıb. Lakin o, qardaşının başqaları yanında xəcalət çəkməsini istəmirdi. Indi o, daş işində işləyir, gecələri isə evə gəlib özünə və qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, “Mənə filan şey lazımdır”, – deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan Fərhada güldən ağır söz demirdi. Onu görəndə, ürəyində olan dərdlərə baxmayıb, yalandan da olsa gülümsəyirdi ki, qoy Fərhadın ürəyi şad olsun. Bu zəhmətkeş insan həmişə çalışır, amma Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı. Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınca düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: “Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram”. Fərhad tez evə gəldi. Bu vaxtı Aslan özü və qardaşı üçün xörək bişirirdi. Öz fəqirliyini düşünüb çəkdiyi zəhmətlərdən inləyirdi. Amma Fərhadın mühəndis olacağı yadına düşəndə, sanki gözlərinə işıq gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar”. Aslanın bir fəxri vardısa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma Fərhadın yaramaz hərəkətlərə qoşulması heç yuxusuna da girməzdi. O heç güman edə bilməzdi ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin. Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan Fərhadı pərişan görüb nə olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə də özü bir söz deməyə hacət görmürdü. Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu: – Qardaşım, nə olub? Halın niyə pərişandır? Fərhad yalandan üz-gözünü daha da yığıb dedi: – Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb aparmasam, məni məktəbə qoymayacaqlar. Indi bu saat da məktəbdən gəlirəm. Aslanın ürəyi inlədi. Bu saat heç bir qəpiyə də gümanı yox idi. Gündə bir manata işləyən adamın altmış manat pulu tapılarmı? Onsuz da bu qədər xərcməxaric... Hələ 15 gün olmaz ki, Fərhad gəlib yalandan demişdi ki: “Məni sabah paltarsız məktəbə qoymayacaqlar, təzə qanun çıxıb ki, gərək paltarların hamısı bir tövr olsun. Ucuz paltar da əlli manatdır.Aslan o vaxt axırıncı qəpiyinə qədər qoyub paltar almışdı, indi isə bir qəpiyi də yox idi. Bir yandan da Fərhadın fəlakətini təsəvvür edib düşünürdü: “Neçə ildir zəhmət çəkirik... mən də, o da... Heç rəvamıdır, indi onu qovsunlar... bütün zəhmətimiz puça çıxsın?..”. Aslan hərçi fikir etdisə, heç bir gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi: – Fərhad, qardaşım özün görürsən ki, indi mənim bir qəpiyimdə yoxdur. Nə qədər də borcluyuq. Olmaz ki, yalvarıb beş-altı gün möhlət alasan, görək bəlkə Allah bir yerdən yol açdı, düzəltdik. Istəyirsən, məni də apar, gedim, yıxılım müəllimlərin ayağına, bəlkə möhlət verdilər. Fərhad özü bilirdi ki, qardaşının heç bir şeyi yoxdur, amma ürəyi o qədər bərkimişdi ki: – Olmaz, – dedi, – mən çox yalvarıb ağladım, baş tutmadı. Aslan çox fikirləşdi. O kimdən pul ala bilərdi? Belə bir adam yox idi. Axırda gümanına bircə bacısının əri gəldi. Bilirdi ki, onun da ondan acığı gəlir. Amma çarəsizlikdən durub: – Sən dayan, mən görüm nə çarə edərəm, – deyə yavaş-yavaş pərişanhal qapıdan çıxıb, qorxa-qorxa bacısının yanına getdi. Biçarə Züleyxa daha əvvəlki Züleyxa deyildi; dərd-qəmdən saralıb solmuşdu. Aslan yavaşca Züleyxaya əhvalatı bildirdi ki, Fərhad altmış manta pul verməzsə, onu məktəbdən qovacaqlar. Züleyxa ərinin yanına getdi, ona yalvarıb, qardaşına bir az əl tutmasını təmənna etdi. Əsgər çığıraraq: – Yenə yapışdın yaxama! – deyə Züleyxanı itələyib yıxdı. – Doğrudan da yolçu tayfasısınız, bir adamı tanıdınızmı, daha əl çəkməzsiniz. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. Yol ilə gedə-gedə fikir edirdi; birdən yadına düşdü ki, Hacı Saleh öləndə öz qızıl saatını ona bağışlamışdı. Tez onu aparıb qonşularına 65 manata satdı, pulu gətirib Fərhada verdi. Fərhad isə fərəhnak pulu aparıb üzüyü aldı. Həmin Liza xanımla tanış oldu. Daha ondan başqa heç kəslə gəzmirdi. Bu tövrlə Fərhad ölə-ölə məktəbi tamam etdi. Aslan borc-xərc pul düzəldib, onu Kiyevə instituta göndərdi. Fərhad orada da gecə-gündüz gəzirdi. Belə insan öz işində böyük bir məharət göstərə bilməz. Ölə-ölə tələbə yoldaşlarının dalınca sürünürdü. Həftə səkkiz mən doqquz, kağız yazıb Aslandan pul istəyirdi. O da min zəhmətlə yığdığı, öz boğazına qıymadığı beş-altı şahını Fərhada göndərirdi. Aslan gündüzlər işləyir, gecələr də keşiş çəkirdi ki, bəlkə xərci ödəyə bilsin. Il qurtardı. Fərhad evə gəldi. Aslan qardaşını görcək, onun boynunu qucaqlayıb, şadlığından ağlamağa başladı: – Fərhad, əziz qardaşım, necəsən? Dərslər necə gedir? Fərhad o saat dedi: – Mən hamıdan yaxşı oxuyuram, mənim kimi bir nəfər orada oxuyan yoxdur. Fərhad yalandan özünü təriflədikcə, Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. Gah gülür, gah gözləri yaşarırdı, gah da qardaşının üzündən öpürdü, istəyirdi lap onu yalasın. Bu gecə Fərhad üçün plov bişirdi. Aslan bir dəqiqə ayrılığına dözməyən qardaşını bir il idi ki, görmürdü. Züleyxa da xəbər tutdu, ərinə yalvarıb rüsxət alaraq qardaşıgilə getdi. Zəngin bir evdən gəldiyi üçün, Aslanın fəqiranə, miskin və məhzun daxmasını görüb tez Fərhadı deyil, əvvəlcə Aslanın boynunu qucaqlayıb ağladı. Aslan da Züleyxanın solğun rəngini görüb ağladı. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. Hər bir söz üçün onun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz onunla olurdu. Aslanın acığına bir ildə Züleyxanı bir dəfə də qardaşının evinə qoymamışdı. Lakin Züleyxa hamısına dözür, səbir edirdi. Bilirdi ki, ərindən çıxarsa, qardaşından başqa elə bir adam yoxdur ki, onun yanına getsin. Qardaşı da özünü ancaq saxlaya bilirdi. Hərdən Züleyxanın ürəyi az qalırdı çatlasın, lakin əlacsızlıqdan dözürdü, gözləyirdi ki, “Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz”. Indi isə öz qardaşlarını zəhmətə salmamaq üçün hər əzaba, hər zülmə dözürdü. Onlar hər üçü bir yerdə şad çörək yedilər. Sabahı Züleyxa evlərinə getdi. Fərhadın getmək vaxtı idi. Aslan bir qədər pul tədarük edib ona verdi. – Başına dönüm, Fərhad, görürsən biz nə haldayıq. Dərslərində səy elə, bacımızı da incidirlər. Sən də gəl bizim əlimizdən bir qədər tut. Görürsən mən işləməkdən necə zəifləmişəm. Bacımızı da gördün, necə rəngi saralıb solmuşdur. O biçarənin də zəhməti ağırdır. Fərhad, başına dönüm, elə elə ki, bir az tez qurtarasan. Bizim indi bir ümidimizsənə gəlir... Fərhadın ürəyi bu sözlərdən bir qədər yumşaldı, öz-özünə söz verdi ki, hər bir şeyi atıb oxuyacaq. Amma Aslandan ayrılandan sonra hamısı yaddan çıxdı. Yenə mariyalar gözünün qabağında süzüldü. Aslan çalışdı, vuruşdu, işlədi, zəhmət çəkdi, qeyrilərə yalvardı, öz paltarını satdı, ilan kimi qabıqdan çıxdı, axırda on dörd ildən sonra məqsədinə yetdi. Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir. Beş-altı gün Aslan şadlığından yata bilmədi. Xırda uşaq kimi atılıb-düşürdü. Bacısının ürəyini şad etmək üçün tez kağızı aparıb ona verdi. Təbii, o da Aslandan az sevinmədi. Fərhad gələcək deyə, Aslan kiçik daxmasını nizama saldı. Fərhad gündüz saat 10-da vağzala gələcəkdi. Aslan isə “vaxt keçir” deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. Vaxta hələ altı saata qədər qalmışdı. Lakin Aslan gah o yana, gah bu yana gedir, tələsirdi, az qalırdı ki, tələsməkdən bağrı çatlasın. Əlli dəfə ondan-bundan soruşdu ki, qatarın gəlməsinə az qalıb, ya yox. Ona hər dəqiqə bir il kimi gəlirdi. Axırda qatar qara div kimi ləhləyərək gəldi. Aslan şadlığından və tələsdiyindən istəyirdi ki, qatarın qabağını əli ilə saxlasın. Fərhad əlində şapka vaqondan düşdü. Aslan yüyürüb: – Can, qardaşım! Gözlərimiz aydın olsun! – deyə Fərhadın boynuna sarıldı. Aslanın paltarı köhnə olduğu üçün Fərhad onu tez geri itələyib, yanında olan və yolda onunla gələn qızlara dedi: – Bu bizim nökərimizdir. – Aslana bir az burada ona yaxın durmamağı tapşırdı. Aslan qardaşının mühəndis olduğu üçün şeyini əlində aparmasını layiq bilmədi. Doğrudan da tez, nökər kimi, çamadanı Fərhadın əlindən alıb yola düzəldi. Fayton çağırıb mindilər, evə getdilər. Aslan daha şadlığından bilmirdi nə etsin. Bu gün Aslan üçün böyük bir bayram idi. Neçə ildən bəri çəkdiyi zəhmət bir bu gün üçün idi. Züleyxa da gəldi. Onların hər üçü axşama kimi bir yerdə qaldılar. Əsgər də Fərhadın yanına gəldi. Qonşulardan da gələn oldu. Hamısı Aslana gözaydınlığı verdi. Fərhad öz kağızını göstərdi: 1916-cı ildə mayın 8-də həmin şəhadətnamə Fərhada verilmişdi ki, o, Kiyev Sənaye Institutunda oxuyub mühəndislik diplomu almışdır. Fərhad kağızı oxuyanda Aslan şadlığından bilmirdi nə etsin. Hamısı sevinirdi. Bu ona görə idi ki, müsəlmanlardan oxuyan az-az tapılırdı. Fərhad mühəndisdir, deyə qonşular Aslana da hörmət etməyə başladılar. Aslan bunu görüb daha da fərəhlənirdi. Əfsus ki, Aslan dalda onu nələr gözlədiyini bilmirdi. Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. Ayda hələlik 200 manat məvacib alırdı. Bunun 100 manatını Aslana verib, yüz manatını da özü xərcləyirdi. Amma bulvar, klub və bu kimi yerlər üçün 100 manat da azlıq edirdi. Aslan, pərvanə şam başına dolanan kimi, Fərhadın dövrəsinə fırlanıb ona xidmət edirdi. Bir neçə ay Aslan bu minval ilə dolandı. Indi onun özünün də bir qədər pulu var idi, çünki daha Fərhad üçün xərcləmirdi, əlavə olaraq hələ Fərhad da ona bir qədər pul verirdi. Bütün ömründə Aslanın keçirdiyi bəxtiyar günlər bu bir neçə ay oldu. Bu arada qonşuları Aslana məsləhət gördü ki, yaxında olan Gülzar adlı bir qızı alsın. Aslan şübhəsiz ki, bu işə məmnuniyyətlə razı idi. Lakin xahiş etdi ki, Fərhad ondan kiçiksə də, yenə ona məsləhət eləsinlər. Bu sözü qonşuda olan arvad Fərhada söylədi. Fərhad çox şadlıqla razılıq verdi. Həmin arvad Gülzarın anasının yanına elçi gedib razılığını bildi və iki nəfər kişini atasının yanına göndərib, axirüləmr Gülzarı Aslan üçün aldılar. Bir neçə vaxtdan sonra toy edib Gülzarı gəlin gətirdilər. Toy gecəsi idi. Onsuz da gözəl və sevimli olan Gülzar bu gecə daha başqa bir lətafət əxz etmişdi. Onsuz da həmişə gül yarpaqları kimi qırmızı və zərif olan yanaqları, bu gecə, gəlinlik bəzəyindən sonra daha da gözəl bir rəng almışdı. Gülzarın bədrilənmiş ay kimi gözəl üzünü bulud kimi pərdələyən qara saçlarına bu gecə daha diqqətlə şanə çəkilib nizam verilmişdi və tam diqqətlə vurulmuş çətiri Gülzarın alnına tökülüb insanı əsir edəcək dərəcəyə qədər lətafətli idi. Aslan da bu gecə təzə paltar geymişdi. Gecə keçdi. Sabah oldu. Aslan üç gün bayıra çıxmadı. Indi o özünü bəxtiyarlığın son pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi: – Pərvərdigara, şükür olsun sənin dərgahi-mərhəmətinə ki, illərcə iki qardaş çəkdiyimiz əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın. Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün, hər yerdə özünə bir həmdəm tapdığından özünü hələ zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi. Indi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?” Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbliyini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaq təbliyində bir qədər ümumiyyətdən irəlilədi. Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə müzəyyən edilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. Indi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi. Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın. Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı. Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi. Aydınlıq, sakit yay gecəsi, yumşaq qumun üstü zərif, yaşıl yarpaqlara bürünmüş, hər yandan üzüm salxımları sallanmış, bir tərəfdə də çay – belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad söhbət edirdilər. Gülzarın təbii olaraq naz ilə kəsmə-kəsmə danışması və danışdıqca gözəllərə məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş etsin. Hərdən Fərhadın gözü Gülzarın lalə kimi qızarmış yanaqlarına sataşanda, onun ürəyində bir hiss oyanırdı, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki hiss bir-birilə mübarizə edirdi: gözəllik və lətafət arasında Gülzara qarşı yaranmış məhəbbət, bir də, qardaşlıq vəzifəsi. Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar da özünü belə hiss edirdi. Xəlvət, səssiz bağ içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir qız, yanında gözəl bir oğlan. Gülzar hərdən iri gözlərini Fərhadın cavanlıq şəhdi ilə ləbaləb olan gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər. Ətrafda səs yoxdu. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. Xəfif bir külək arabir dilaviz rayihəsilə insanın ürəyini oxşayırdı. Budur, meh vurub Gülzarın saçlarını titrədərək, Fərhadın üzünə səpdi. Fərhad yumşaq gəlin saçlarının üzünə toxunduğundan bilmərrə məst olub, saçların ətrindən mövcudiyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başının hərəkəti ilə saçlarını çiyinlərinə atdı. Fərhad gözlərini qaldırıb Gülzarın qırmızı yanaqlarına dikdi. Gülzarın yanaqlarında elə bil ki, zərif dodaqlarında bir müzəyyən təbəssüm, iri gözlərində bir nişaneyi-eşq və həvəs görünürdü. Fərhad özünü saxlaya bilməyib, ürəkdən bir ah çəkdi. Gülzar: – Ox, Fərhad, – dedi, – belə gözəl bir mənzərəyə tamaşa edən insan da ah çəkərmi? – Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. – Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi. – Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz. Gülzar gözlərini süzüb dedi: – Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir. Fərhad Gülzarın fikrini anlayıb dedi: – Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər siz mənə məftun olsaydınız... – Fərhad peşman olmuş kimi diksindi, – yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz. Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı: – Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam. Gülzar əlini Fərhadın dizi üstə qoyanda sanki Fərhadın bədəninə elektrik qüvvəsi keçdi. Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, Fərhadın üzünə baxdı. Onun gözlərində bir təbəssüm parladı. Fərhad Gülzarın əlini bəxtiyar dodaqlarına apardı. Gülzar əsla mümaniət etmədi. Nazla gülərək: – Ox, Fərhad, dinc dayan, – deyə başını Fərhadın çiyninə qoydu. Fərhad huşa gəlmiş kimi, tez əlini çəkdi. Amma Gülzarın başını öz çiynində və yumşaq yanaqlarını üzünə yapışmış görəndə, daha dayana bilmədi. Gülzarın təbəssümlərlə oynayan gözlərinə bir də baxıb, hər iki qolunu onun boynuna salaraq, qanı axacaq qədər zərif olan dodaqlarını öz dodaqlarına sıxdı. Gülzar isə, həvəs və eşqdən bihuş bir halda özünü Fərhadın ağuşuna atdı... Xəyanət! Ikitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi həris və məlun bir insandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. Biz Fərhadı çoxdan tanıyırıq və onun belə bir xəyanətini görəndə bizə təəccüb gəlmir. Amma Aslan, o zəhmətkeş və mərhəmətli insan, o insan surətində göydən enmiş mələk, Fərhadın xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə yetişdi və hamını özü kimi zənn edirdi. Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki, Fərhadın belə bir xəyanət edəcəyini ağlına da gətirmirdi. Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. Həmişə təcrübə olunsa görünər ki, insan, ola bilər ki, ziyalı olsun, mədəni olsun və bununla belə pozğun bir əxlaqa malik olsun. Insan, ola bilər ki, aqil olsun, əqlən və fəhmən mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil və alim insanların çoxusu özü nəşr etdiyi qanuna özü riayət etmir, xalqa göstərdiyi yolla özü getmir, büruzə çıxardığı və xalqa tövsiyə etdiyi bir məsləkə özü boyun əymir. Onu demək istəyirəm ki, insan ola bilər ağıllı, elmli, bilikli olsun, amma insan olmasın. Əksi də ola bilər; elmsiz biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim olmaq asandır, insan olmaq çətin! Oxuyub Fərhad kimi vicdansız bir mühəndis olmaq asandır, amma Aslan kimi insan olmaq çətindir. Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək istəmirdi. Bütün fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt keçirməyə daha geniş bir fürsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox şad olub onları mehmannəvazlıqla qəbul etdi. Necə oldusa, xanımın balaca oğlu Əsgərin stol üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazlığı cuşə gəlib, dərhal xanımları evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bundan sərfi-nəzər edən Əsgər başqa yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki, Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək dedi: – Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim də işlərimiz çox yaxşıdır. Mən ayda yüz manata kimi qazanıram. Fərhad da üç yüz manat alır, məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşların evində böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz deyilsin. Doğrudan da, Aslan bacısına bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma Fərhad da bunu istəyirdimi? Yox. Məlumdur ki, Züleyxa evdə olanda Fərhad Gülzara yavuq düşə bilməyəcəkdi. Odur ki, Züleyxanın evdə olmasına razı ola bilməzdi. Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi və Züleyxanın məlul-məlul baxan ala gözlərindən bahar buludu kimi yaş tökülməsinə baxmayaraq, məcburi Əsgərin evinə göndərdi. Bu işə Aslan nə qədər ürəkdən müəzzəb oldusa da, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs Fərhadın adına onun canını istəsəydi, yəqinən ki, Aslan əsirgəməzdi. Bu məhəbbətlə Aslan Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi? Axşam vaxtı Fərhad ilə Gülzar xəlvət evdə oturub, bir-birinə öz məhəbbətlərini təşrih edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə məhəbbətin ən dərin yerində, bir zamanda ki, Gülzarın nazik beli Fərhadın qolları arasında və dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açıb içəri girdi. Sanki bütün ev Aslanın başına fırlandı, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı. – Fərhad, – dedi, – illərlə çəkdiyim zəhmətlər unuduldusa, barı qardaşlıq vəzifəsi... Ox, Fərhad, mənə xəyanət... Bu iş Aslanın zəif əsəblərini elə titrətdi ki, bihuş olub yerə yıxıldı. Fərhad bir də Aslanın üzünə baxa bilməyəcəyindən geyinib evdən getdi. Gülzar artıq öz canı üçün qorxurdu: zira, müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər. O hara gedəcəyini, nə edəcəyini fikirləşirdi. Bu halda Aslan huşa gəldi və Gülzara tərəf gəldikdə, Gülzar canının hövlündən stəkanda olan karbola kislotasını qapıb Aslanın üzünə atdı. Bu əcza qulluqçu naxoş olanda alınmışdı və təbib tövsiyə etmişdi ki, məbadə bu əcza üzünüzə və gözünüzə dəysin, bu, insanın ətini yandırar, gözünə tökülsə, kor edər. Gülzar öz canının hövlündən belə müdhiş bir əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı. Əvvəl Aslanın gözləri cızıldadı. Aslan buna baxmayaraq hövlnak Gülzarın dalınca yeridi. Gülzar evə girib qapını bağladı. Aslan bir qədər çalışdıqdan sonra daha durmaq mümkün olmadığını hiss etdi: özlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı. Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər. Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb: – Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım! – deyə ağlamağa başladı. Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı: – Ah, bacı, görürsənmi mənə nələr edirlər?.. – deyə ağlamaqdan axıb bacısının qucağına yıxıldı. Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. Indi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus!.. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullarının qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox... Indi Aslan Allahdan ancaq ölüm istəyirdi. Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı. Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun. – Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm... Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm... Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”. Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı. Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi: – Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin? Əsgər bunu görüb: – Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər. Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu. Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi: – Dünən Gülzar xanımgildə idim. Fərhad da... – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi. Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun üzü bir yerdə duran Gülzar ilə Fərhada sataşdı, hirsindən başı hərləndi: – Binamus bacı, namussuz qardaş, heç tələsməyin, həyatda nə qədər mən varam, ləkədar edilmiş namusumun intiqamını sizdən alacağam. Əgər intiqam almamış ölərsəm, qoy xəlayiq desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi. Əhmədi birbaş həbsxanaya apardılar. Indi Gülzar ilə Fərhad heç kəsdən qorxmurdu. Bir Əhməd idi, o da həbsxanaya düşdü. Hökumət adamını öldürdüyü üçün neçə il həbsxanada yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, hər ikisinin rəngi saralıb sustalırdı. Kamil on iki yaşında idi – məktəbə gedirdi. Aslan ilə Züleyxa min üsrət ilə dolanırdılar. Kamil gizlindən onların yanına gəlirdi. Aslan naçar qalıb evi satdı. Qeyri şeylərindən də çox qalmamışdı. Yavaş-yavaş hər şey qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi. Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi: – Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram. Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı. Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı törtöküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi. O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi: – Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. Indi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub. Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı: – Ah, xain qardaş, – dedi – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım... Daha tab gətirə bilmirəm... Qonşu arvad getdi. Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu: – Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər. Aslan dedi: – Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. İndi mən gedirəm... anamın yanına... Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü. Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Bilmərrə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. Içəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib: – Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı. – Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi: – Mənimi zəhərləmək istəyirsən?! – Səni zəhərləmək istəyirəm! Səni! Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür. Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki: – Nə haqla anama zəhər satmışsınız? Aptekçi məlum etdi ki: – Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm. Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki: – Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır. Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi. İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar. Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı. Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!.. Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə özözünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, sailliyə qədər endirdim. Yadımdadır o gecə... Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm... Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?..”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana getdi. Yanyana qazılmış iki qəbrin arasında oturub ağladı: “Ah, bağışlayın məni, mən sizə zülm etdim... Bağışlayın bir günahkarı ki, dizi üstə çöküb sizdən üzr istəyir...” Fəqət məqbərələrdən heç bir cavab almadığı üçün korpeşman evə qayıtdı. Qulluğa gedirdisə də, gördüyü işlər nəzərindən keçirkən, durub o tərəf-bu tərəfə çırpınırdı. Gah da yalvarıb zarıldayırdı. Fərhadın artıq işə yaramadığını görüb, qulluqdan xaric etdilər. O tamamilə dəyişib, üzünü tük basmışdı, başının saçları ağarmış, gözləri çuxura düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, bu ancaq bir cünun imiş. Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada: – Mən sənin evində bu qədər əzab arasında qala bilmərəm, al bu sənin uşağın! – deyə balaca uşağı Fərhadın üstünə atıb getmək istədikdə, Fərhad diqqətlə Gülzarın üzünə baxdı, zira, onu görmək istəmədiyindən çoxdan onun üzünə baxmamışdı: o saatda, bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu: – Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün erkən solmuş xoşbəxt ailəmizin intiqamını səndən alacağam, xainliyinin cəzasını öz əlimlə verəcəyəm! Fərhad bunu deyib, Gülzarın boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: – Gör, bu da cəza... ədalət... mükafat... intiqam... – deyə məcnunanə addımlarla otaqdan çıxdı. Fərhadı tutub həbsxanaya apardılar. Bir neçə gündən sonra Kamil, yurist vəzifəsində gəlib, bütün anası barəsində cəm etdiyi məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. Mühakimə edilərkən Fərhaddan soruşdular: – Sənə isnad verirlər ki, Züleyxanı da sən boğub öldürmüşsən, nə ilə özünü safa çıxara bilərsən? Fərhad əsə-əsə ayağa durub dedi: – Bəli, doğrudur, mən öldürmüşəm, mən bədbəxt! Züleyxanı da mən öldürmüşəm, qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi idi. Sonra həyatın iti pəncələri altında əzildim, didildim, özümün bu hala düşməyimə səbəb oldum. Məndən savayı bir xain də vardı ki, mənim bu hala düşməyimə çoxu o səbəb olmuşdu. Amma mən ondan öz intiqamımı aldım. Indi də xahiş edirəm ki, bacımla qardaşımın intiqamını məndən alasınız, – deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı. Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il katorqa cəzasına məhkum edildiyini bildirdilər. Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə düşüb dedi: – Bacım, Züleyxa bağışla məni!.. Gəlirəm qara üzlə sənin yanına... Bağışla məni... Oh, Züleyxa, günahkaram, bağışla!.. Ey məndən intiqam alan cavan, səndən çox razıyam ki, mənim tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşılığına görə üzündən öpüm. Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi. – Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, – dedi. Bunu eşitcək Fərhad geri çəkildi. – Get, mənim əllərim qanlıdır, sənin pak və müqəddəs bədəninə dəyməsin! Ancaq qiyamət günü anandan öz günahkar qardaşının əfv edilməsini xahiş edərsən. Get, əllərini mənim napak olan bədənimə vurma! Çəkil!.. – Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı. Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi: – Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm... günahkaram... bağışla! * * * Mənsur və Sitarə Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı. Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi. Bu nəzakəti ilə nazənin qız hovuzun kənarına yetişib ən zərif xoş rayihə və yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdal ləblərinə yaxınlaşdıraraq, gülün yarpaqları üstündə almaz qətrəsi kimi parlayan şəbnəmiruzigarı güldən daha zərif olan dodaqları ilə əmərək, bir vəhşi maral cəldlik və vüqarı ilə hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. Hovuzun kənarına atılanda, döşləri bahar yarpağı kimi əsib insanın ürəyini dəxi titrədirdi. Nazənin oturub atılanda, ay kimi parlayan üzünə tökülmüş saçlarını başının hərəkəti ilə çiyninə tökərək, iri və qara olduğu halda bir piyalə nur kimi şəfəq saçan gözlərini hovuzda üzən balıqlara dikdi. Ah, təbiətin səhər vaxtı bu bağçada yaratdığı lətafət, zərafət və mənzəreyifərəhəfzanın yüzdə, mində, hətta milyonda birini təsvir etməyə bu sadə qamışdan yapılmış aciz qələmdə qüdrətmi olacaq? Heyhat, yox və yenə yox!.. Insanları mütəməddin edib dünyaları, dəryaları, səhraları, hətta asimanları belə aciz insanların təhti-təsərrüfünə və tabeliyinə keçirən qələm ağ kağız üzərində qara sətirlər yazmaqla qüvvəyi-bərqiyyədən daha müdhiş, daha qorxunc silahlar yaradıb insanları ay və zöhrələrlə belə bəhs etmək cəsarətinə malik edən qələm, gözəl, abad binaları viran, lakin viran, xaraba yerləri abad və laləzara döndərən qələm!.. Bu gün təbiətin yaratdığı bu mənzəreyi-fövqəladə qarşısında aciz, mat və mütəhəyyir!!! Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! Əcəba, hansı rəssamdır ki, hovuz kənarında oturan nazənin qızın qızılgül kimi qızarmış yanaqlarını, yuxudan təzə ayıldığı üçün ahu baxışı ilə qırmızı, balıqlara baxan gözlərini, zalım cəlladlar şəmşiri kimi can almağa hazır olan qaşlarını layiqincə təsvir edə bilsin? Hansı rəssamdır ki, mahirliyinə məğrurən, o qanı axacaq qədər zərif və qırmızı olan dodaqlara, o xoşrəng gülün yapışıb bir-birindən seçilmədiyini təsvir edə bilsin? Heyhat, yenə yox! Onlar da, onlar da aciz! Mat və mütəhəyyir! Əcəba, bu qız kimdir və kimə qismət olacaq!? Bu qız Aslanın olub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi oğlu. Mənsur altı yaşında ikən, atadan və anadan yetim qalmışdı. Aslan onu götürüb öz himayəsi altında saxlayaraq, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. Mənsur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və tizfəhm olduğu üçün, arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. Mənsuron səkkiz, amma Sitarə on beş yaşında idi. Sitarə də oxuyurdu. Aslan həmişə, hətta uşaqlıqdan bu vaxta qədər bunların mehriban dolanmadığını görüb: – Sitarə! Səni Mənsura verəcəyəm! – Mənsura da – Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, – deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalarına dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı. Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər. Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi. Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı? Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə: – Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasız övrətlər! – deyə ağlayır. Bəs Mənsur niyə tək oturub ağlayır? Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki: – Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm... Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib: – Mən Mənsura deyil, Həsənə gedəcəyəm! – deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi. Axirüləmr, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir. Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yarında vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib: – Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam! Sən sevgili qardaşımın yadigarısan, – deyə ona təsəlli verərək, göz yaşlarını silib evə aparırdısa da, Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yenə otağın qapılarını bağlayıb ağlamağa başlardı. Artıq Sitarəyə yalvarmaqdan başqa bir çarə qalmadı. Bu gün ən ağır və qorxunc qədəmlərə cəsarət etmişdi. Bəlkə yalvarmaqla Sitarənin ürəyinə rəhm düşsün deyə, bu gün axırıncı qətrə həyat dərmanını içəcək! Sağalmasa? Axırıncı çarəni yalvarmaq bilib yalvaracaq: “Yox!” – desə nə olacaq? Düşünün! Əlbəttə ki, intihar!.. Budur, yarım saata qədər keçdi, Sitarə əvvəlki vüqarı ilə hovuzun kənarından atılıb evə tərəf yeriməyə başladı. Mənsur pozğun, zəlil bir halda qalxıb onun keçəcəyi yolda dayandı. Sitarə bunun yanından keçəndə, Mənsur zəlil dilənçilər kimi hər iki əlini bir tövr səfilanə ilə Sitarəyə tərəf uzadıb, iki dizi üstə yıxılıb: – Ey gözəlim, mənə rəhm et!!! – dedi. Amma burada Sitarə ona çatıb: – Yol ver! – deyə onun yanından keçib getdi. Mənsur əlləri bir qədər göydə qalıb, məzlum-məzlum Sitarənin dalınca baxaraq, biixtiyar gözünün yaşı axırdı. Sitarə evlərinə yol aparacaq alçaq pillənin üstündə bir əlini qapıya uzadaraq, başını isə çevirib Mənsura baxıb, yenə əvvəlki vüqar və vəhşiliklə səng-dilanə evə girdi. Mənsur dizi üstə oturub baxdısa da, heç bir şey görməyib, yuxu ilə oyaqlıq arasında idi. Sitarə içəri girəndə Mənsur biixtiyar üzüqoylu yerə yıxıldı. Artıq Mənsur oyaq deyildi. Heç bir şey dəxi görüb eşitmirdi. Biçarə Mənsur nə ətrafında baharın xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına fırlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşından yadigar qalmış Mənsuru – istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb: – Biçarə Mənsur! Əziz övladım! Mən sənin səadətini yüksəldib, istiqbalını parlada bilmədim! – deyib, biixtiyar gözlərindən yaş tökülürdü. Həqiqətdə də hərgah Aslan can bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mənsuru bu dərddən azad edərdi. Amma ki, fayda yox idi. Aslan məhzun bir halda Mənsuru qaldırıb evə gətirərək, öz təxti-xabinə saldı. Bir qədərdən sonra Mənsur acı və həzin bir inilti ilə ayılaraq, özünü evdə görüb qalxdı. Əmisi və əmisi arvadı yatağının yanında oturmuşdular. Bunlar getdilər. Mənsur özünü toxtada bilməyib zar-zar ağlayırdı. Nahar oldu, günorta oldu, gün qüruba əyildi. Mənsur hələ də zarıldayırdı. Üç gün idi ki, heç bir şey yeməmişdi. Gün batdı, Mənsur biçarə hənuz ümidini kəsməyib, dübarə bağa gələrək, haman çinar ağacının dibində oturdu. Bir o qədər keçmədi ki, uzaqdan Sitarənin ay kimi parıldayan sifəti göründü. Sitarə yenə keçmişki naz-nəzakət və vüqarla gəlib hovuzun kənarında oturdu. Mənsur məlul-məlul bir qədər ona baxıb qovrulandan sonra, artıq dayana bilməyib qalxdı ki, onun yanına gələrək, yalvarıb öz dərdlərini desin... Lakin bu halda divarın üstündən Həsən aşıb, hovuzun kənarına gəldi. Mənsurun isə dizlərinin taqəti üzülüb, öz yerində çırpındı. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi gərdəninə toxunanda, sanki Mənsurun ürəyinə ildırım toxunurdu. Nə çarə? Biçarə Mənsurun ağlamaq sədası, zarıltısı və nəvası iki daşürəkli insanın qəhqəhələri arasında itib gedirdi. Insanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac kənarda oturub baxsın! Onda nə olar? Ah, artıq Mənsurun ürəyindəki dərd-qüssələri yazmayıb, özünüzə mühəvvəl edirəm. Özünüz düşünüb Mənsurun qəm və qüssəsinin miqdarını, yarımçıq da olsa, müəyyən edin. Burada Mənsurun nitqi quruyub, dili ağzında fırlanmırdısa da, amma ürəyindən də olsa, bu sözləri deyəcəyi yəqindir: Bu dövran gərdişindən sinəsi al qan olan könlüm! Gecə-gündüz işi ahü fəğan, hicran olan könlüm! Gecə ta sübhədək şəm oduna pərvanətək yandım, Ziyayi-şəmi isə, qisməti-insan olan könlüm! Görən məşuqini əğyar ilə seyrü səyahətdə, Bu cənnət bağı çeşmi-zarimə niran olan könlüm! Əcəb hicr atəşinə yanmışam, taqət gedib əldən, Fəraqi-yar ilə beyti-dili viran olan könlüm! Aman, ey çərxi-kəcrəftar, bəsdir, əl götür məndən! Yan, ey yarı dili-əğyar üçün canan olan könlüm! Hər nə isə, iki saata qədər vaxt keçəndən sonra Həsən yenə divardan aşıb getdi. Sitarə isə, bir sərv kimi xuraman gəlib evə tərəf getməyə başladı. Mənsur ikinci dəfə duraraq, əllərini Sitarəyə tərəf uzadıb, gözündən sel kimi yaş tökərək, Sitarənin qabağında dizi üstə oturub dedi: – Ey bivəfa! Barı bir neçə kəlmə sözümə qulaq ver! Sitarə bir tövri-vüqar ilə durub, iri qara gözlərini Mənsurun üzünə dikdi. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı: – Ey bivəfa Sitarə! Ey bietibar əmim qızı! Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı ki, bir-birimizdən ayrılmayaq, əcəba, nə tez əhdini unutdun? Ey biinsaf! Aya, mənə rəhmin gəlmədi ki, illər uzunu mənim həyatımı zəhərləyib, məni hicran oduna yandırmağa, dərdü bəlaya giriftar eləməyə razı olursan? Ah, Sitarə! Məni yandırma! Məni əbədilik olaraq, hicran səhrayi-bipayanının dirrəndə və vəhşi heyvanlarının çəngali-biamanına salma! Məni əbədilik olaraq bəla dəryasının girdabi-binəhayəsinə salıb cavan ömrümü, parlaq istiqbalımı qəri-zülmati-məzarə yerləşdirmə! Mənə rəhm et! Ah, bivəfa! Hanı o keçən günlər ki, səninlə bu ağacın dibində və saf hovuzun kənarında şirin-şirin söhbətlərə, dərin-dərin işrətlərə məşğul olub, yüksək bir həyat ilə yaşayırdıq? Onları unutdunmu? Ah, biinsaf Sitarə, bimərhəmət Sitarə! Əğyarı bu həqir əmin oğlunun üstünə ayaqlandırmaq rəvamı?!. Göz yaşı Mənsura danışmağa mane olurdu. Mənsur isə tamam gücü ilə çalışırdı ki, onu sakit edib, fürsət var ikən sözlərini desin. Lakin Mənsur nahaq çalışırdı. Göz yaşları bir seyli-xüruşan kimi cuşə gəlib, Mənsuru sükuta məcbur edirdi. Axırıncı gücünü yığıb, qanlı göz yaşları arasından: – Sitarə! Bivəfa olma! Əhdə vəfa et! Məni yandırma! Gəl, gəl ey həyatımın zöhreyi-şəşəədarı! Gəl! Gəl! Gəl, ey istiqbalımın şəmipərtövnisarı! Gəl, gəl bivəfalığı tərk et! Mənimlə bağladığın əhdi sındırma! Əğyarı kənar et! Məni yandırma! Gəl! Gəl!.. Burada Sitarə gözlərini Mənsurdan çəkib, çinara tərəf baxıb fikrə getdi. Mənsur isə həyat ilə məmat arasında cavab gözləyirdi. Bu cavab ölmək, ya qalmaq cavabı olub, Mənsurun gələcək həyatının müqəddəratını bildirəcək idi. Bu cavab Mənsuru ya gözəl bir həyata, parlaq bir istiqbala yetirəcək, ya əbədilik olaraq qara torpaqlar altında qaranlıq məzara yerləşdirəcək idi. Amma əfsus!.. Qəza bir fələkzədəni xilas edib əlindən tutmaz, bərəks, daha da onu dərin-dərin quyuların dibinə salmağa çalışar. Budur, Sitarə başını qaldırdı. Bir də çinar ağacına baxaraq, üzünü Mənsura tutub, gül yarpaqları kimi qırmızı və zərif dodaqlarının arasından: – Yox, Mənsur! Məndən sənə çarə ola bilməz. Özünə çarə tap! deyib, bir tövri-qürur ilə yola düşüb getdi. Bu da axırıncı ümid! Bu da zəif surətdə işıq verən ümid şəmi ki, təzədən söndü. Mənsur yenə yıxılmaq istəyirdi. Lakin tamam gücünü yığıb, bir an əvvəl həyatını qurtarıb bu cəfalardan xilas olmaq üçün qalxdı. Mütəfəkkir evə girib, dalınca qapını örtdü. Divarda olan xəncəri götürüb sinəsinə qoyaraq, tutqun və dilsiz kəlmələrlə təkəllümə başladı: – Ah! Zalım zəmanə! Kəcmədar dövran! Bivəfa tale!!! Ey çərxikəcmədar! Əcəba, mənim bu bədbəxtliyimdən sənə bir səmərə varmı ki, məni bu qədər dərdü möhnətə, əzabü əziyyətə düçar elədin? Əcəba, mənim ölümümdən sənə bir səmərə varmı ki, hənuz dünyadan kam almamış, hənuz həyat və səadətin zərrin piyalələrə doldurulmuş şərbətini içməmiş mənə ölüm zəhərini içdirirsən? Əcəba, tamam cövrü cəfa, zülmü əzablarını məndən ötrü saxlamışdın ki, əvvəl yetim, səfil, sərgərdan buraxıb, indi də belə bir bəlaya düçar edibən, məni bir kənara ataraq, yarımı əğyara nəsib edib, qanıma susadın! Ah, zalım zəmanə! Bivəfa Sitarə! Indi rahat olun! Mən dəxi dünyanın şirin-şirin ümidlərini görməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun ki, mən gülzari-fərəhfəzaların, seyrüsəyahətin, vəxti-səadətin, nəvazişi- fərəhbəxşasın layiqincə görməmiş, o ləbiabidarın şəhdi-şərbətmisalın doyunca əmməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun! Gəl, gör, Sitarə, xar etdiyin Mənsuru! Burada Mənsur xəncərin üstünə yıxılmaq istəyir. Sağ ayağını yerdən götürüb, o biri ayağını da üzmək istədikdə birdən dayanır, rəngi dəyişib filfor çöhrəsində bir qələbənin əlaməti zahir olur. Xəncəri yerə çırparaq: – Yox, yox! Yox! Əcəba, mən özümü öldürməklə zalımların ürəyimi yanacaq? Yox! Əsla! Bərəks əmin qüssə çəkib qəmgin olacaq. Yox! Artıq anladım! Bir dərya ki, mənə boy verməsə, mən ona ümman demərəm. Bir bivəfa ki, məni atıb gedir, mən nə səbəbə ona məhəbbət bağlamalıyam? Qoy getsin, artıq mən onun məhəbbətini ürəyimdən çıxardım. Əlbəttə ki, zəif adamı müsirr xəstəlik daha çox mütəəssir etdiyi kimi, insan nə qədər zəifül-qovl olsa, zəlalət və bədbəxtlik onu daha da artıq tutar. Qoy getsin, artıq elə bivəfalara yalvarmaram. Madam ki, o məni sevirdi, bir biarı görüb məni unutdu, mən nə üçün unuda bilmirəm? Qoy getsin, bəlkə onu orada səadət və xoşbəxtlik gözləyir. Get, ey bivəfa Sitarə, get!.. Artıq mən də səni unutdum. Artıq mən də səni istəmirəm. Sən məni yandırdın, amma mən sənin yanmağını istəməyib, səadətə yetməyini istəyirəm. Get! Dəxi mən də özüməlazım olan yolu tapdım. Bilirəm! Gələr bir zaman ki, mənə də fürsət düşər, sən də mənə möhtac olarsan. O vaxt mən sənə pislik etmərəm. Get, bivəfa Sitarə, get!.. Artıq mən də səndən gözümü çəkib, səni unutdum. Get, xoşbəxt olub səadətə yetəsən! Amma bilirəm ki, bu zülmün cəzasını görəcəksən, get!!! Burada Mənsur xəncəri yerindən açıb, sanki heç qəmi yox, şad və xürrəm otaqdan çıxdı. Əlbəttə ki, Aslan bunu görüb şad oldu. Mənsur gəzməyə gedib, axşam evə qayıtdı. Artıq Sitarə gözünə sataşırsa, sevgili yar deyil, bir doğma bacı kimi ona baxıb, sanki bacısının ərə getməyinə şad olurdu. Səhər oldu, toy oldu. O biri gün Sitarə gəlin getdi. Payızda Mənsur dərsə başlayıb daha da səy etməyə və qeyrətlə oxumağa başladı. Zaman bir axar çay kimi axıb, illər mürur edirdi. Altı il bu hadisədən keçdi. 1915-ci il may ayının 16-sı idi. Axşam vaxtı Aslanın bağında təqribən 21-22 yaşlarında cavan bir oğlan 19 yaşında gözəl və nazənin bir qız ilə seyr edirdi. Bu bağın lətafəti-təbiiyyəsi oxuculara məlum olduğu üçün, tərifinə hacət yox. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza bir mənzərə alırdı. Bağda gözəl qız ilə oğlan hər ikisi gözəllikdə bir-birinə rəqabət edib, üzləri ay parçası kimi işıq saçırdı. Hər ikisi təmiz və nəfis ağ paltar geyib, bağı seyr edirdilər. Kimdir bunlar? Bunlardan biri Mənsur, biri də onun sevgili arvadı Sara idi. Iki il idi ki, Mənsur təhsilini tamam edərək, mühəndis vəzifəsində ildə 18 min manat məvacib alırdı. Bir il bundan əqdəm evlənib gözəl və tərbiyəli bir qız almışdı. O vaxtilə bir bağçanın zərif və rayihədar canlı bir gülü olan Sitarədən gözəllikdə geri qalmazdı... Ah, yenə Sitarə xatirə düşdü! Bəs heç soruşmursunuz: hanı Sitarə? Sitarə! O insan cildinə girmiş mələk! Göz gəzdir, bax! Bağın ən qaranlıq bir guşəsində məhzun halda oturub, gəzənlərə tamaşa edir. Əcəba, Sitarə neçin məhzundur? Həmişə bir nəfər bəxtiyar və hökmdar ola bilməz. Dövran bir insanı ucaldıb, ucaldıb, birdən ən yüksəkdən yerə elə çırpır ki, bir də uçmasına çarə tapılmaz. Bəzən də, əksinə, bir insanı illərlə xar edib, birdən yüksəldir. Budur, üç il bundan qabaq Aslan, sonra övrəti vəfat etdilər. Salman hələ dörd il bundan qabaq ölmüş, hələ o vaxtdan Sitarənin qəlbində olub yanan, amma zəif bir yelin əsməsi şöləsi əyilib müvəqqəti ziyasını əskildən məhəbbət şəmi yenə külək keçəndən sonra şöləsini düzəldib, işıq verməyə başlayır. Sitarə artıq yenə Mənsuru sevirdi. Amma Mənsur! Mənsur əbədilik olaraq ürəyində məhəbbət şəmini ruzi garın təbii badi-havası ilə deyil, öz əli ilə söndürmüşdü. Hələ Mənsur evlənməmiş Sitarə neçə dəfə kağız yazıb demişdi: “Əzizim Mənsur! Mən səni əvvəlki kimi sevirəm! Hərgah məni almaq istəsən, çıxıb sənə gələrəm”. Lakin Mənsur hər dəfə “yox” cavabını yazmışdı. Bu dəfə artıq Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzirdi. Mənsur isə boyun qaçırırdı. Ona görə Sitarə Həsənin evində qalmağa məcbur olurdu. Həsən isə, atasından sonra onun tamam mülki-malını satıb, içkiyə xərcləmişdi. Axırıncı qəpiklərini və ev müxəlləfatını tamamən satıb, qumara qoymuşdu. Hətta iş bir məqama çatmışdı ki, evdə ac qalmışdılar. Sitarə bunu görüb, atasından qalmış həmin mülkü, bağı Mənsura on min manata satmışdı. Həsən onu da az bir vaxtda xərcləmişdi. Hərçənd Sitarə oxumuş qız olduğu üçün özünü dolandıra bilərdi, amma Həsən ona imkan verməyib, gedəndə qapını üzünə qıfıllayıb, gələndə isə açıb içəri girib, yenə də örtərdi. Budur, Sitarə bir yandan Mənsurun firqət və hicrinə, bir yandan da Həsənin cövrü cəbrinə davam gətirməyib, qaçıb öz əmisi oğlunun yanına gəldi. Mənsur isə onu can və başla qəbul edib, naz ilə bəsləməyə qərar verdi. Amma Sitarənin ürəyində Mənsurun məhəbbəti gündən-günə şölələnib var əzasını yandırırdı. Neçə dəfə xəlvət Mənsura yalvarmışdısa da, o hər dəfə bir tövri-mülayimanə ilə: – Gözəlim, mən səni ancaq bacı kimi görə bilib, qardaş nəzəri ilə sənə baxa bilərəm, – deyə cavab vermişdi. Mənsur hər nə qədər ona nəvaziş edərək, min dil ilə aldadır, haman həvayieşqi başından çıxarmaq istəyirdisə də, Sitarə əsla aldanmayıb, həmişə ahü zar edirdi. İndi bu saatlıqda bağın qaranlıq bir guşəsində oturub, iki gəzən cavana tamaşa edib ağlayır. Odur, Ay çıxıb, Sitarə olan yeri işıqlandırdı. Baxın, hələ iki il bundan qabaq zəriflikdə gül ilə rəqabət edən yanaqlar nə hala düşmüş? Payız yarpaqları kimi sarımtıl bir rəng çalır. Xəzan yeli solduran bir yarpaq kimi solmuş. Baxın, iki il bundan qabaq gördüyünüz o abdar ləblər, o zərif, qırmızı dodaqlar ki, hər baxan, indicə qanı axar deyərdi, indi nə hala düşmüş? Şəhdi zalım zənburun nişi ilə sorulmuş güllər kimi ağarıb qurumuşdu. Onu da deməliyik ki, hərgah Mənsurun ürəyində məhəbbət şəmi sönmüş olmasaydı, bunların heç birinə baxmayıb, Sitarəni can tək “gəl, gözəlim!” deyə ağuşuna alardı. Lakin Mənsurun ürəyində artıq məhəbbət olmadığı üçün, Sitarə əvvəlkindən də gözəl olsaydı, yenə onu almazdı. Sitarə də Mənsur kimi bu gecə həyat, ya məmat məsələsini həll etmək istəyirdi. Odur ki, məlul-məlul Mənsurun dalınca gedib, danışmağa söz axtarırdı. Lakin Mənsur onun kimi olmayıb, onu oxşayır, halına yanıb ağlayır, həmişə gəzəndə: “Sitarə, gəl bizimlə gedək”, – deyirdi. Hətta bu gecə də ona onlarla gəzməyi təklif eləmişdi. Amma Sitarə getməyib orada oturmuşdu. Bir qədər keçdi. Sara Mənsurdan ayrılıb, evə getdi. Mənsur yavaşyavaş Sitarəyə tərəf yönəldi. Sitarə onu görəndə, axırıncı sözünə cavab alıb, müqəddəratını həll etmək, ya səadətlə yaşamaq, ya qəbir evinə getmək üçün ayağa duraraq, Mənsurun əlini əcz ilə tutub, dizi üstə oturub: – Aman, Mənsur! Məni hicr oduna yandırma! Mənə rəhm et! Mənsur cəld onun əlindən tutub qaldırdı və başını qucağına alıb, oxşamağa başladı. Sitarə isə, bir an əvvəl sözlərini demək üçün əvvəlki qayda ilə qalıb, çuxura düşmüş gözlərini Mənsura dikib: – Mənsur! Mənsur! Sənin məhəbbətinə bağlanmışam. Mənim həyatım sənin əlindədir. Sən mənim gələcək müqəddəratımı həll edə bilərsən... Mənsur! Insaf et! Razı olma ki, mən 20 yaşında olduğum halda, puç olub qara torpaqlar altına gedim... Burada Mənsurun gözləri yaşarıb: – Sitarə məgər mən sənin fəraqında yanmayırdımmı? Məgər mən özüm intihar etmək qəsdinə düşdüyüm zaman sən mənim həyatımı baqi saxlamaq istədinmi? Məgər məni məhəbbət odu yandırmayırdımı? Sitarə onun sözünü kəsib: – Mənsur! Günahkaram! Mənə rəhm et! Məni yandırma! – Gözəlim, indi mən sənin üçün nə edə bilərəm ki, səni bacımdan qeyri bir kəs görə bilmirəm. Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib, sənin halına yanır, lakin heç bir çarə!.. Sitarə axırıncı dəfə olmaq qəsdilə sözünü kəsib: – Mənsur məni yandırma, insaf et, rəhm elə!.. Mənsur heç bir çarə tapa bilmədiyi üçün: – Gözəlim, mən sənə qanımın bahası ilə xidmət etməyə hazıram, lakin bu işdə məzurəm... Burada Sitarənin əndamı sustalıb yerə dəydi. Mənsur onu durquzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. Bir azdan sonra Mənsur evə getdi. Get-gedə Mənsur keçmişləri düşünüb, gözləri yaş ilə doldu. Əmisi qızının intihara qəsd etməsindən qorxub evə girdi ki, bəlkə Saradan rüsxət almağa müvəffəq olub, yetim əmisi qızını bu dərddən xilas etsin. Lakin Mənsur gedən kimi Sitarə həyatından bezikmiş, zəlil bir halda durub, ağlaya-ağlaya hündür çinar ağacının yanına gələrək, ağaca dırmaşdı. Bir budağın üstə oturub, bir qədər ağlayandan sonra, şərfin boğazından açıb buraraq, bir ucunu ağacın budağına, bir ucunu da ilmək eyləyib öz boğazına salıb, budaqdan asılmaq istədikdə, gözü ağacın altında, hovuzda üzən balıqlara sataşıb dayandı. Gözləri yaş ilə dolub, tamam keçmiş günləri gəlib gözünün qabağında durdu. Ürəyininən dərin guşəsindən bir ah çəkib: – Ey bivəfa dünya! Ey bivəfa tale! Sən də bietibarmışsan ki, iti tilovun ucuna keçirdiyin bir parça ləziz təamına aldanıb toruna düşdüm. Sən insana mərhəmət edən olmayıb, zalım bir səyyadsan ki, insanları aldadıb, öz toruna salırsan! Əcəba, belə də zülm olar ki, beşgünlük səadətlə məni məğrur edib o qədər yüksəyə qaldırdın ki, tamam insanlar gözümdən qeyb oldu. O zaman mən özümün ərşiəyala merac etdiyimi zənn edib, sənə təşəkkür edirdim. Lakin heyhat!.. Bilməyirdim ki, sən məni o qədər yüksəyə məhz ondan ötrü qaldırırsan ki, yerə çırpıb bir də hərəkət iqtidarımı əlimdən alasan. Zalım! Elə də etdin! Mənim uçağanlarla bəhs etməyə qadir olan qanadlarımı sındırıb, quyu dibinə saldın. Ah, hanı o günlər ki, həmin çinar ağacının dibində Mənsur ilə gəzib, şad bir həyat sürürdük? Hanı o günlər ki, bu ağacın dibində Mənsur ilə əhd bağladım? Indi mən Mənsuru əsla təqsirkar etmirəm. O zaman mən, mən, mən bədbəxt o qədər məğrur oldum ki, əhdimi sındırdım, onu yandırdım. Indi də özüm yanıram! Hanı o günlər ki, bu güllərin arasında gəzib bülbüllərin həzin nalələrini, özümü güldən də daha zərif bildiyim üçün, mənimsərdim. Keçdi, keçdi!.. Keçən keçdi, daha geri dönməz! Ah, bivəfa dünya! Artıq sənin etibarını görüb səndə dolanmaq istəmirəm. – Durur. – Əlvida, ey içində bəxtiyar günlər keçirdiyim bağça! Əlvida, ey gecə-gündüz həmnişinim olan güllər! Gecə-gündüz nəğmələrini eşitdiyim bülbüllər! Əlvida, ey mayeyi-sürurum və tamaşa nöqtəmin ən qiymətliləri olan xırda balıqlar! Əlvida, ey çinar ağacı! Sənin dibində bəxtiyar günlər keçirib əhd bağladım. Indi də həmin əhdi sındırmağımın cəzasıdır çəkirəm! Əlvida, ey əvvəli mayeyi-sürur və iftixarım və axırda baisi-rəncü həlakətim olan gözəllik ki, bundan sonra qara torpaqlar altında məhv və pərişan olub gedəcəksən! Əlvida, bu hilali-pərtövnizar! Əlvida, ey məhəbbəti yolunda həyatını tərk edib qurban olduğum Mənsur! Dəxi mən öldüm! Əlbəttə, məğrur, mütəkəbbir və əhd sındıranın axırı budur ki, iyirmi yaşında olduğum halda ölürəm! Ah, zalım zəmanə! Indi sakit ol!!! Burada Sitarə özünü ağacdan tullayıb asılır... Mənsur isə bu halda qapıdan çıxdı. Gedib mülayimanə bir dil ilə Saraya demişdi: – Əzizim! Sən özün bizim macəramızı bilirsən, indi Sitarənin halını da görürsən... Mən bu işə, onun bu qədər əziyyət çəkməsinə razı olaram, lakin vicdan buna yol verməz. Mən ondan intiqam almaq hissi ilə onun bu cəfalarına şad olmalıyam, lakin insaniyyət buna yol verməz. Sitarə intihara qəsd edərsə, biz günahkarıq. Mənim ürəyim kimi ürəyi olduğu üçün, bu zülmə dayanır. Lakin xanımların ürəyi saf, həssas olduğu üçün, siz buna razı olmalısınız... Artıq Saranın rənginə baxmaq olmazdı. Sara bilirdi ki, Mənsur Sitarəni istəmir. Indi dediyi sözlərdən də məqsədi odur ki, Sitarəni boş ad üçün də olsa, alıb bu bəladan xilas eləsin. Sara özü də Sitarənin halına acıyır, onun çəkdiyi əziyyətləri azaltmağa çalışırdı. Lakin nə qədər olursa, rəqibəlik hissi Saraya mane olurdu ki, Sitarənin alınmasına razı olsun. Indiki halda isə Saranın rəngi saralmış, ürəyi çırpınır. Demək olar ki, bilmərrə huşu başından çıxmış. Bu saat iki böyük qüvvə, iki hiss Saranın ürəyində çarpışır, boğuşur. Sara özü də bihuş kimi durub, sanki bu iki hissin, insaniyyətlə rəqibliyin mübarizəsinin axırını gözləyirdi. Sara çox nəcib olduğu üçün, insaniyyət hissi qalib gəlməli idi. Lakin rəqibəlik hissi aciz düşmən olmadığı üçün, belə görünürdü ki, bu iki hissin hər ikisi bir gücdədir və hansı birinə kənardan bir kömək gələrsə, o, qalib gələcəkdir. Mənsur Saranın rəngindən, məlul-məlul baxan gözlərindən bu halı anlayıb, insaniyyət hissinə kömək olmaq üçün həzin bir əda ilə: – Gözəlim, əmin ol ki, mən iki arvadlılığın əleyhinəyəm. Lakin bu, həvavü-həvəsin kəsrətindən olmayıb, məhz yetim əmim qızına rəhmim gəldiyi üçün, bu işə məcbur oluram. Bir fələkzədənin ki, həyatı sənin əlindədir, zənnimcə, onu bir kəlmə sözünə qurban verməzsən... – Mənsur daha da sözünü qüvvətləndirib: – Sara, mən səni sevirəm! Sənin yolunda hər işə hazıram! amma sən də məni sevirsənsə... Saranın üzü daha da saralıb, alnında tər qətrələri zahir oldu. Bir azdan sonra rəngi gül kimi qızarıb, iri gözləri aydınlaşıb, başını tənbəl bir hərəkətlə qaldırıb, gözlərini Mənsurun gözlərinə dikdi. Sanki bu məhzun baxışı: “Mənsur! Sonra məni atmazsan ki?” – deyə sual edirdi. Bu sual Saranın gözlərində aşikar oxunduğu üçün Mənsur tez ürəkdən cavab verdi: – Sonra, sevgilim, mən səni sevirəm, axıra kimi də sevəcəyəm... Lakin... Burada Sara bir tərəfdən qalib insaniyyət hissinin təzyiqi ilə, bir tərəfdən Sitarəyə rəhmi gəldiyi üçün, bir tərəfdən də Mənsuru sevdiyinə görə, onun xahişini yerinə yetirib, xatirini sındırmamaq üçün, özünü saxlamayıb biixtiyar gül yarpağı kimi qızarmış dodaqlarının hərəkəti ilə ahəstə: – Razıyam! – deyə cavab verdi. Mənsur bunu eşitcək, şad bayıra fırlandı ki, yetim əmisi qızını bir an əvvəl eşqin yanar odlarından çıxarsın. Lakin bayıra çıxanda Sitarənin ağacdan asıldığını görüb: – Dayan, – deyə sürəti-saiqə ilə ora yüyürdü. Atılıb şərfdən tutub qırdı, əyilib Sitarənin üzünə baxaraq: – Dur, Sitarə, sənə şad xəbər gətirmişəm!.. – dedi. Amma, heyhat!.. Vaxt keçmişdi. Sitarənin həyatına dəxi ümid yox idi. Axırıncı sözləri eşidəndə, gözlərini biixtiyar surətdə açıb, qollarını dilsiz və zəif bir hərəkətlə qaldırıb, Mənsurun boynuna salaraq, boğuq və həzin bir səslə: – Mənsur, səndən axırıncı xahişim, sənə axırıncı vəsiyyətimdir... – Burada Sitarə dayanıb, yenə kəsmə-kəsmə təkəllümə başladı. – Barı, bu bir sözümü yerə salma. Axırıncı arzum: məni həmin çinar ağacının dibində dəfn et! Mənsur, hərçənd Sitarənin axırıncı sözlərini eşidirdi, lakin danışmağa qüdrəti yox idi. Gözlərindən axan yaş Sitarənin yanaqlarına toxunurdu. Sitarə axırıncı dəfə hərəkətə gəlib: – Vəsiyyətimə əməl et, məndən çəkdiyin cəfaları mənə halal et... Burada Sitarə zəif hərəkətlə Mənsurun dodaqlarını öz dodaqlarına yapışdırıb, axırıncı baxışla Mənsura baxıb, gözlərini yumub, canını təslim etdi. Budur, çərxi-biarın ol gərdişi, Cəfadır, əziyyətdir hər bir işi!.. * * * Əhməd və Qumru I Əhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu. Qızlar şəhərə yaklaşırkən çadralarına örtündülər. Sağ olınız! Sağ olınız – deyə, bəzən gülərək, bəzən düşüncəli hərə bir sokaka döndü. Şimdi Qumru yalnız, fəqət həminki çevikliyini itirməyərək yüyürür və tam qapılarına varırlarkən nə üçünsə bilməm çapuq bir hərəkətlə başını fırlayıb bir yarımdairə seyr etdi. Bakışları bir qədər uzaqdan gələn, düşüncələrə batmış Əhməddə dayandı. Iki bakış tam bir-birinə işlərkən Əhmədin yüzü saraldı. Qumrunun isə bilməm nədən bayaqkı oynaqlığı, bir dalğınlıqla ürkək baxışları süzgün və donuq bir bakışa dəyişdi. Bu hal yalnız bir qırım sürdü. Ötəri qırpımda Qumru diksinmişlər gibi tərpənib yanaqlarında xəfif bir qızartı, dodaqlarında sanki məcburi bir təbəssüm bəlirərək başın fırladıb, içəri atılıb, qapılar arkasında görünməz oldu. II Hacı... pək varlı və yürəgi düz, əliaçıq idi. Şamaxıda hər kəs onu bilir və hörmət edərdi. Hacı... Qumruyu tək olduğu üçün pək sevər və heç bir şey üçün düşünməsinə, sıxıntı çəkməsinə yol verməyib istədiyini bilir və heç bir şeyi ondan əsirgəməzdi. Qumruyu hamı evdə sevər idi. Hələ çocuqluqdan bu çağa qədər ərköyün bəslənmiş və bayakdan gördüyümüz şux və qeydsizlik də, ehtimal ki, həmin ərköyünlüyün nəticəsidir... Odur ki, Hacı... heç düşünmədən “Varlığına lüzum yox, bir qızım var, o da bir oğlum olur”, – deyə Əhmədin elçilərini yola salmışdır. Iki gənc iki təsadüfdən sonra ilk baxışın ta sınırlarına qədər yerləşdiyi sevgi yalovları kəndilərini isidir və Hacının razılığından sonra gələcəklərini bir cənnət, kəndilərini isə birər mələk təsəvvür edib, ayrı-ayrı yakında olacaq toyu bəkləyirlərdi. Tam bu aralıq Şamaxıda məşhur Mart hadisatının gurultuları qopdu. III Axşamüstü hava bir qədər savuq, yerlər çamur ortaqı isə yürəksıxıcı bir alaqaranlıq bürümüşdü. Havanın tutqunluğu yürəgimi sıxdı. Sinemaya gedəyim, – deyə Nikolay sokakıyla ağır-ağır Olqinskiyə doğru yürüyordum. Sokaklarda adam pək az, səs yok, yalnız külək ruhları zəhərləyəcək iyrənc bir vuyultu ilə əsiyordı. Adətən, Bakının bir tozanakını, bir də palçığını görmək istəməm. Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş Ismailiyyənin önündən keçərkən xarabalıqlara, daha doğrusu əti tökülmüş baş iskletlərinə bənzər bu möhtəşəm bina, bu canavarlığın, bu cinayətin macərasını ərz edincə, bir çox kəsilmiş yoldaşlarım və bir çox müdhiş şeylər yadıma düşdü. Müdhiş mart – deyə gözlərimi yumdum. Yürəgim, ruhum, zehnim, əqlim, hissim, düşüncəm, bir kəlmə, vücudumda nə qədər hissedici şeylər varsa, hamısı inlədi. Başım kəndikəndinə köksümə sallandı. Daldım və dalğın-dalğın yürüyürdüm ki, “Ay qardaş, əsirəm, acam” – deyə bir həzin səs məni oyatdı. Başımı qaldırdım. Dörd addım qədər bəndən uzaq, təxminən 18 yaşlı sarı uçqun bənizli, qara irigözlü, utancaq və donuq baxışlı, arıq, fəqət nəcib simalı bir qızcığaz idi. Rəngi qaçmış ağ dodaqlarını şimdicə ağlayacaq gibi büzmüş, fəri qaçmış gözlərini qorkuyormuş, yaxud yalvarıyormuş, daha doğrusu, utanıyormuş gibi yarı örtmüş, yerlərə bakınaraq bəkliyordu. Və gözlərə sokuluyor qaraçı qızlarını görməz degiləm ha! Fəqət haniyə onlarda bu qədər süslü hərəkət, bu qədər utancaq və nəcib sima. Ilk bakışda qızcığazın nəcib və böyük bir ailədən olduğuna və çarəsizlikdən dilənçiliyinə hökm etdiyim gibi yüzcikəzinin sarımtıraq, solğun olduğuna baxmayaraq, olduqca gözəl olduğunu da kəsdirirdim. Yürəgim yandı, qulluqçu durarmısan? – dedim... dilənçi qız odlu bir ah çəkib... durardım, amma... susdu. Çuxura düşmüş gözlərindən bir kəs damla sümükləri irəliyə çıxmış sarı yanaqlarının üzərilə çənəsinə toğru yuvarlanıyordu. Qıraqları süzülmüş, çamura bulaşmış çadraya oxşar, büründüyü boz bir parçaya başın omuzuna əyərək gözlərini sildi və sonra başını köksünə toğru salladı, durdu... Əlimi cibimə saldım. Bu aralıq cındır paltarlı, enli kürəkli bir oğlan daha... Ay qardaş! Yaralıyam! Şikəstəm! Şamaxı əsiriyəm! – deyə əlindəki əsaya dayanaraq durdu. Qızcığaz Şamaxı adın eşitdiyi üçünmü, nə üçünsə başın qaldırıb oğlana bakınca otəki də ona bakmış olmalıdır ki, hər ikisi birdən diksindi. Hər ikisinin yüzü ölü rəngi qəbul edib yalnız Qumru! – deyə inildəyib səndələyərək yıldırım mağazasının pilləsinə, eyni vaktda qız: veriniz! Veriniz ona, bən istəməm, bən keçinərəm! – deyə getmək istəyirmiş gibi döndüsə də, haman nələr düşündüsə bilməm, dönüb bərkdən ağlayaraq: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qolunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha doğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qolu kəsilmiş, yalnız bir qolciyəzi varmış. * * * Parapetdən Şamaxı yoluna qədər Parapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim: – Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar. Bircə çarəmiz qalırdı: redaksiyada gecələmək. Özümüzü köhnə qəzet qalıqlarından rahat yatacaq düzəltməyə başladıq. Ancaq hər şeyə şəxsi münasibətləri olan qadınlar (redaksiya həmkarlarımız) buna qəti etiraz edib bildirdilər ki, özlərini Bakını basmış dəniz və okean sularına atarlar, amma azad mətbuat üstündə yatmazlar. Biz əslində bütün aləmdən ayrı düşmüşük və yalnız bir vasitəmiz var idi – telefon. Nazirlərdən başlamış tanış faytonçuya qədər yaxınlarımızda yaşayan bütün dostlara zəng vurduq. Lakin bütün diplomatlar kimi, bizim də diplomatik danışıqlarımızın nəticəsi qətiyyən müsbət olmadı: birisinin elə indicə avtomobilinin təkərləri partlamışdı, digərinin elə bu saat ayağı burxulmuşdu, üçüncüsünün sevimli qayınanası “ispanka” xəstəliyinə tutulmuşdu, dördüncüsü isə təzə təşkil edilmiş hökumət tərkibinə nazir təyin olunmuşdu və özünə münasib ərazi tapa bilməyən hökumətin “xüsusi ərazi” düzəltməkdən ötrü torpaq sahəsi icarəyə götürmək hayına qalmışdı. Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ağır ümidsizliyə qapıldıq. Çoxusu sımsırığını sallatmışdı. Bəzilərinin gözləri yaşarmışdı, kimisi də anbaan telefona yanaşıb belə əlçatmaz bir məsafədən “okean”ın o tayında qalmış ailəsinə zəng vuraraq qəlbinin ah-vayını izhar edirdi. Bir saat da keçdi. Yağış isə ara vermədən yağır, inadla seli gücləndirirdi. Kədər və ümidsizliyimiz son həddinə çatmışdı. Elə bir həddə ki, bundan sonra, adətən, dünya adamın gözündə qaralır və çox vaxt məsələ intiharla bitir. Onu da deyim ki, qadın həmkarlarımız artıq bu sonuncu tədbiri icra etməyə hazırlaşırdılar və özlərini, aşıb-daşan sel axınına atmağın estetik incəliklərini də düşünmüşdülər. Birdən... qapı ağzında iki işıldayan göz göründü: – Bu bir fayton, daha doğrusu yarımfayton idi. Çünki onun yarısı və atlarının ayaqları su altında qalıb görünmürdü. Sən demə, həyatımızı qiymətləndirmək üçün bəzi əsasları olan qəzetçilərimizdən birisi öz həyatı bahasına bizi xilas etməyi qərara alıbmış – kişi özünü selə atıb, “Metropol”3 mehmanxanasına qədər üzərək oradan fayton gətirmişdir. Əvvəl gözlərimizə inanmadıq. Sonrakı dəqiqədə isə artıq püşk atmışıq: qadınları müşayiət etmək xoşbəxtliyi, yaxud bədbəxtliyi kimə qismət olacaqdı? Hərçənd, həmin səadət bu sətirlərin müəllifinin payına düşdü, amma kişi həmkarlarıma hər ehtimala qarşı uzun müddət mütəəssiranə cavab verdim. Qadınları, – üç nəfər idi – faytona mindirməkdə redaksiyanın, mətbəənin və ekspedisiyanın bütün heyəti iştirak etdi. Faytonumuz yola düşəndə uzun-uzadı arxamızca qışqırdılar: Əlvida! Ruhdan düşməyin! Bəlkə sağ-salamat qayıtdınız. Marşrutumuz Tatarski küçəsindən keçirdi. Çünki qadınlardan biri orada yaşayırdı. Amma Qubernski küçəsinə burulanda əmin olduq ki, Tatarski küçəni birbaşa fəth edə bilməyəcəyik. Voronsovski,6 Sitsiyanski küçələrini də eyni tərzdə sınaqdan keçirib daşqın sel qarşısından biabırçılıqla geri çəkilməli olduq. Bazarnı küçəsinə çıxdıq. Əvvəlcə pis getmirdik. Ancaq tin başına çatdıqda tanımadığımız, bilmədiyimiz bir okeanın qəzəbli uğultusunu eşitdik. Təhlükəli sahəyə təzəcə girmişdik ki, hərbi paltar geyinmiş iki nəfər faytonumuzun qabağını kəsdi. Bizə “təklif” etdilər ki, onları da öz faytonumuzda o biri sahilə keçirək, çünki bizim üçün qan axıdıblar. Cəngavərlərdən qan qoxusundan çox spirt iyi gəldiyinə baxmayaraq, biz onların sözünə inanmalı və faytonun pilləsinə çıxmalarına razılıq verməli olduq. Hərçənd, bizim icazəmiz olmadan, özləri artıq bunu etmişdilər. Faytonçu atları qamçıladı, heyvanlar irəli atıldı və... dərhal dayandı. Nə hədəqorxu, nə yalvar-yaxar onlara kar elədi, qamçı-çubuq da həmçinin. Işi belə görən cəngavərlər bir-biri ilə qısa məşvərətdən sonra bizi faytonda qoyub suya girərək geri üzdülər. Faytonçu yerə düşən kimi qurşağacan suya batdı. Bütün gücü ilə atları döyəcləməyə qurşandı. Onlar isə buna tamamilə biganə qaldı. Faytonçu onları geri qaytarmaq üçün dilə tutmaq istədi, amma heyvanlar bundan da ədəbərkanla boyun qaçırdılar. Nəhayət, atlardan biri suya oturdu və bununla bizə incə bir eyham vurdu ki, o burada ləyaqətlə həlak olacaq, amma yerindən tərpənməyəcəkdir. Faytonçu təcrübəli bir adam kimi dedi: – Heç nə çıxmayacaq! Aydındır ki, sərnişin rəfiqələrimi ürəkkeçmə tutmuş, onlardan birinin artıq “dünya gözlərində qaralmışdı” və özünü selə atmağa hazırlaşırdı. O birisi hey məsləhət görürdü ki, telefonla “Metropol”a zəng vuraq, məhz “Metropol”a. “Əminəm ki – deyirdi, – oradan bizə avtomobil göndərərlər”. Təəssüf ki, Bakı faytonları hələ nə telefon, nə də radio ilə təchiz edilmədiyindən başqa bir şey fikirləşmək lazım idi. Tərslikdən küçələrdə, nədənsə, kimsə gözə dəymirdi ki, köməyə çağıraydıq. Təpədəndırnağa qədər silahlanmış asayiş gözətçiləri isə bizim yanıqlı fəryadlarımıza cavab olaraq tüfəngləri ilə bəzi hərəkətlər göstərir və deyəsən, öz əsas vəzifələrini yerinə yetirməyə gedirdilər. Biz islanmış və üzülmüş halda, soyuqdan titrəyərək ayaqlarımızı bacardıqca yuxarı qaldırıb vəziyyətimizin nə ilə nəticələnəcəyini gözləyirdik. Yol rəfiqələrim tez-tez deyirdilər: – Burada gecələməyəcəyik, ha! Bir saat belə keçdi. Sonra gördük ki, faytonçumuz cibindən böyük bir bıçaq çıxardıb suda yatan ata yanaşdı. Əvvəl elə bildik, kişi Allahı rəhmə gətirmək üçün heyvanı qurban kəsmək istəyir. Amma belə deyilmiş. O öz fikrini belə izah elədi. Onsuz da faytonu sudan çıxara bilməyəcəyik. Səhərəcən burada qalmaqdansa, yaxşısı budur atları açım və bellərinə minim gedək. Mən dərhal bu fikri bəyəndim. Bizim kimi sadə adamlar üçün Bakıda at üstündə gəzmək elə bir nadir kefdir ki, hətta indi düşdüyümüz qeyri-adi şəraitdə də bundan imtina etmək olmazdı. Doğrudur, hava əlverişli deyildi. Soyuq yağış damlaları kürəyimizə süzülürdü. Əynimizə də qalife şalvar yox, adicə kostyumlar geymişdik. Amma o biri tərəfdən atlar da ingilis yəhərləri və sair süvari yaraq-əsbabı ilə təchiz olunmamışdı. Müxtəsər, faytonçu atın birini açıb yanımıza gətirəndə mən pələng, yaxud balerina çevikliyi ilə onun belinə sıçrayıb bir müddət saat rəqqası kimi orada yırğalandım. Çünki atın islanmış kürəyi sürüşkən idi. Ancaq, indi də məlum oldu ki, faytonu çəkib aparmağa atları məcbur etmək – mənim yol rəfiqələrimi at belinə minməyə təhrik etməkdən asan olardı. Qadınlar bir ağızdan dedilər: – Istəyirsiniz, lap bizi burada suya batırın, öldürün, amma ata minməyəcəyik! Mən uzun-uzadı onları dilə tutdum, mərdlik və soyuqqanlıq haqqında onlara bütöv bir mühazirə oxudum, hətta tarixdən nümunələr gətirdim. Sonra səsim ucalmağa başladı və yavaş-yavaş hədə-qorxuya keçdim. Nəhayət, qəti bir ahənglə dedim: hər kim müqavimət göstərsə, onu zorla məcbur edəcəyəm! Qadınlardan ikisi əmrimə tabe oldu. Faytonçunun köməyilə onları bir-bir tərkimə aldım, sonra da kəndirlə belimi sarıdım və kəlmeyişəhadətimi deyib, həmin vəziyyətdə çala-çuxurlarda tez-tez büdrəyən atı birtəhər saxlayaraq, çayı keçməyə müvəffəq oldum. O biri sahilə çıxıb qadınları yerə düşürdüm və yenidən geri döndüm. Ən çox tərslik göstərən üçüncü qadını da eyni tərzdə yola gətirdik. Qarşı sahildə iki dəstəyə bölündük. Inadcıl qadını mən tərkimə aldım. O biri iki qadın isə faytonçunun yedəyində gedən ikinci ata süvar oldu. Beləcə, faytonu taleyin ümidinə qoyaraq yol aldıq. Lakin qəzavü-qədərimiz bitmirdi. Çünki hər tinin başında eyni sahilsiz dəryalara rast gəlirdik və atlarımız anbaan çala-çuxura düşüb büdrəyirdi. Belə yerlərdə bu vaxta qədər xudbinliklə rütubətdən qoruduğumuz ayaqlarımız suya girir və hər birimizin ayaqqabılarına bütöv gölməçələr yığılırdı. Yolda rastımıza çıxan qarodovoylar şübhəli baxışlarla bu qəribə karvanı süzür, tez-tez bizi saxlayıb sorğu-suala tuturdular. Onlardan öz qulluq vəzifəsini həddən artıq səy ilə yerinə yetirən birisi isə, hətta bizə bu görkəmdə məntəqəyə getməyi təklif etdi (guya qadınları zorla apardığımız üçün). Əlindən güc-bəla ilə qurtardıq. Gecə saat on ikidə evə çatdıq. Parapetdən Şamaxı yolunadək bu səyahətimiz bizə 50 manata başa gəldi. * * * Müfəttiş I Dünəndən bəri bu işi aydınlaşdırmaq üçün tələsik-tələsik yürüyən, həyat çovğunundan qansız dodaqlarını gəmirən Həmid indi birdənbirə özünü itirmiş, şaşqın və ürkək bir halda durub baxırdı. Zatən həmişə Həmid nagəhani və gözlənilməz bir hadisəyə təsadüf edincə, bir neçə saniyə hərəkətsiz durub donuq-donuq qarşıya baxar və birdənbirə yerindən tərpənib, qəti və cəld hərəkətlərlə bir iş görərdi. Fəqət bu dəfə öylə deyildi, bütün varlığını müdhiş bir həyəcan bürümüş, bütün bədəni anlaşılmaz bir iztirab içində titrəyirdi. Ilk görüşdə bir dəhşət içində iri gözlərini və böyük ağzını ayırıb, cəld bir hərəkətlə geri fırlanmış və boğulurmuş kimi, bir dəqiqə dərin-dərin, fəqət kəsmə-kəsmə nəfəs almışdısa da, indi heç bir şey düşünmürmüş kimi, mənasızcasına durub qarşıya baxırdı. Ancaq bu görkəmi Həmid öz halını gizlətmək qəsdilə güclə yaratmışdı. Diqqətli bir göz isə onun bütün varlığında dəhşətli bir iztirab çırpındığını aydın görərdi. Bəzən çöhrəsi ölü üzü kimi saralır, bəzən qızarır, bəzən də başı hərlənirmiş kimi, yerindən tərpənirdi. Doğrudan da, Həmid bir saniyə dəli kimi olmuşdu. Hərdən qan beyninə hücum edir, gözlərini dəlirdi. Ağır və müdhiş bir şey onun ürəyini öylə sıxırdı ki, bəzən az qalırdı yerə çırpılıb özündən getsin, ancaq bütün qüvvət və iradəsini toplayıb saxlayırdı. O bilirdi ki, qadın deyən sözlərin hamısı doğrudur. Indi isə tamamilə inanırdı. Evdəkilər bu halın nədən irəli gəldiyinə təəccüb edirdilər, fəqət bununla bərabər, nə isə fəna bir şey olacağını duyurdular. Bu aralıq Həmid ufaq bir hərəkətlə çiyinlərini tərpədib, düşünmədən, daha doğrusu, özü belə hiss etmədən biixtiyar: “Bəli, bədbəxtlik”, – deyə inildədi. Çox keçmədən Həmid kəndini toplamışdı, zatən əvvəldə fövqəladə bir sürətlə haldan-hala girir və simasındakı dəyişikliklər tələsik bir-birini təqib edirdi. Artıq bir şey kəsdirmiş kimi, sərt bir hərəkətlə cəld başını qaldırdı. Dəminki tərəddüd, şaşqınlıq və iztirab büsbütün itmişdi. Indi Həmid hərəkətlərində sərt, ciddi və qəti bir hal almışdı. II Günün yalnız gün batanda qalmış sarımtıl saçaqları getdikcə azalır, yerinə vərəmli bir sarılıq, daha doğrusu, yüngül bir qaranlıq qonurdu. Ara-sıra sərsəm bir yel əsir, harada isə uzaqlarda qapıları çırpıb taqqıldadır, hava qaraldıqca ətrafı anlaşılmaz bir kədər bürüyürdü. Sərsəm küləyin kobud vıyıltısı, yarpaqların yüngül xışıltısı, dəniz dalğalarının uzaqdan gələn tutqun xumurtusu bir-birinə qarışıb, bulanıq bir gurultu ilə aranı doldurdu. Hava elə tutqun və bulanıq idi ki, gizli bir qüssə insanın ürəyini sıxırdı. Xüsusən qapıların bir-birinə oxşar, fəqət nizamsız eşidilən səsi Həmidin sinirlərini didirdi. Dərin bir ahla qalxıb pəncərəni örtdü, yenə ölgün bir hərəkətlə çox da təzə olmayan sandalı üzərinə oturunca, otaq həm qaranlıqlaşdı, həm də birdən-birə səs-səmir kəsildi. Ağır və tutqun bir qüssə, daha doğrusu, dumanlı bir xatirat Həmidin ürəyini əzirdi. Onsuz da arıq üzü ruhunu didən sıxıntılardan bir qədər də qırışmış olduğundan, uzaqdan baxınca, bütün sarımtıl, zəif simasında dərin bir əzab gözə çarpırdı. Düyünlənmiş alnından çəkilmiş üç dərin cızıq burnunun sonunadək yumruluqla birləşib, dolaşıq yollarla aşağı-yuxarı, kələ-kötür qaşları içində dağılıb itirdi. III Həmid xatırlayırdı. Bütün keçmişlər bir-bir yadında deyildisə də, onu ən çox sevindirən, ya ən çox acındıran, ümumiyyətlə, çocuq zehninə ən çox təsir etmiş və fikrində yerləşmiş ayrı-ayrı, qırıq-qırıq, fəqət mühüm nöqtələr yadında idi. Çocuqkən çəmənli-çiçəkli bir köydə yaşayırdılar. Gözəl bir bağçaları var idi. Qonşu çocuqlarıyla aydınlıq gecələr bağçada gizlənqaç oynardı, gündüzləri çox vaxt göy içərisindən xəfif bir şırıltıyla qənbərlər üzərindən sürüşərək axan göz yaşı kimi dumduru suyun içinə girib, çırp-çırp əllərini suya çırpardı. O zaman büsbütün qəmsiz, qayğısızbir xoşbəxt idi. Bir gün ufaq çayciyin içində oynarkən bacısı ağlayaraq gəlib onu bağrına basdı. – Can, yetim qardaşım, atasız qardaşım! – deyə üzündən sıxı-sıxı öpüb evə apardı. Qapılarında qonşuları toplanmışdılar. Böyük qardaşı Bağır boğazına bağladığı yaylığı əlində, yaxası açıq, yerə uzanmış atasının başı üzərində durmuşdu. Atası qanlara bulaşmış bir qapı tayı üzərində uzadılmışdı. Onu düşmənləri öldürmüşdülər. Bacısı ağlayaraq, atasının üstünə yıxılınca, o da bacısı kimi etmək istədi, bir kaç arvad onu tutub, üzündən öpərək, başını sığalladı, onu oxşadı. Bundan sonra artıq onu gəzməyə qoymurdular. Kimsəsiz və gücsüz, düşmənləri isə əqrəbalı olduğundan, qardaşı bir neçə vaxt şikayətə getdi. Fəqət bir gün zəngin düşmənləri para ilə işi batırdılar deyə, daha şikayətdən əl götürdü. Bir il keçməmiş həmin düşmənləri bacısını götürüb qaçdılar. Qardaşı divandərəyə müraciət etdisə də, yenə bir gün düşmənlərinin pul gücü ilə qalib gəldiyini söylədi. Nəhayət, o, kənddə qala bilməyəcəklərini düşünüb, bir dəfə Həmidi bir öküz, arabasına mindirib, Lənkərana götürdü, oradan da vaporla Bakıya gəldilər. Bağır özü dəmirçixanada işə girib, Həmidi isə məktəbə qoydu. Təxminən 7-8 yaşında ikən bir gün axşam ufaq daxmalarına girəndə gördü ki, qardaşı həmişəki kimi qaşıq əlində ocaq üstünə qoyulmuş hisli bir qazançanın qabağında oturmuş, fəqət gözlərindən yaş tökülür. Sabah dəftər almaq üçün pul istədikdə, qardaşı qalxıb onun başını bağrına basaraq, gözlərindən öpüb: – Yazıq bala, bundan sonra mənim bütün ümidim sənədir, – dedi. Sonra Həmid bacısının dərd-qəmdən vərəmləyib öldüyünü eşitdi. IV Neçə il idi Həmid məktəbdə oxuyurdu. Bağır onun üçün həm ata, həm ana, həm bacı, həm də qardaş idi. Heç bir qardaş öz qardaşına belə baxmazdı. Bağır gündüzləri işləyib, gecələri də xörək bişirir, nə qədər özü yorulsa da, Həmidin heç bir sıxıntı çəkməsinə yol vermirdi. Yoxsulluq onları çox sıxırdı. O zamanlar Həmid qardaşının əzab və sıxıntı çəkdiyini və bütün ümidini yalnız ona bağladığını görüb, ürəyində çox vaxt qət edib and içirdi ki, böyüyüb bir qulluğa girincə, qardaşını büsbütün işləməyə buraxmayıb, özü işləyəcək, qardaşını rahat dolandıracaqdır. Gün keçir, Həmid böyüyürdü. Indi on yeddi yaşında idi. Məktəblilər arasında ən çapqın və sözüötər bir çocuq idi. Düz iki il idi ki, Həmid Moskvanın qocaman yapıları, geniş soqaqları arasında gecə-gündüz çalışırdı. Iki il bundan əvvəl Bakı mütəəllimlərinin məktəb komitəsi tərəfindən kitab almaq üçün Moskvaya göndərilmiş Həmid 17-ci il sentyabr hadisəsindən sonra yollar kəsilincə, orada qalmağa məcbur olmuşdu. Heç bir vaxt həyatla üzbəüz çıxmamış və həmişə müşfiq bir qardaşın qanadı altında böyümüş Həmid indi birdən-birə qürbət bir ölkədə özünü kimsəsiz görüncə, əvvəl əldə özünü itirdi, vətənini düşündü, sanki məchul bir yerdən bir yardım, bir çarə gözləyirdi. Fəqət qopardığı iniltilərə qarşı həyat mübarizəsinin geniş cövlangahı olan Moskvanın sərt ruzigarı arasından zindanlara çarpan ağır çəkiclərin gurultusundan və ara-sıra partlayan topların parıltısından gözlərini qırpımsız qarşıya dikdiyindən və ara-sıra dərin bir ah, ya yüngül bir təbəssüm dodaqlarını titrətdiyindən, düşündüyü bilinirdi. Bəli, düşünürdü. Həm də çox uzaq, dərin keçmişləri xatirinə gətirirdi. Otaq alaqaranlıq idi. Bu aralıq döşündən qırmızı bir lenta asılmış bir milis nəfəri içəri girib, dinməz lampanı yandırıb, pəncərənin pərdəsini endikdən sonra ehtiyatlı bir görkəmlə çıxdı. Həmid bir an üçün başını qaldırıb, çaşqın bir baxışla ətrafı süzdü. Divarlar alapələng kağızlarla örtülmüş, ortada təzə üzündəki ağ kağızı mürəkkəblə ləkə-ləkə boyanmış böyük bir miz durmuşdu. Ətrafında üç stul vardı, qapının girəcəyində döşəmənin rəngi ayaq sürtünməsindən ağarmış, divarda üç rəsm vardı. Simalar tanıdığı inqilab qəhrəmanları olduğunu gördüsə də, ayrı-ayrı kim olduqlarına fikir vermədi, çünki xatirat onu yormuş olduğundan bir növ ayıla bilmirdi, o bilaixtiyar düşünmək istəyirdi, onun üçündür ki, tez başını arxaya atıb, gözlərini bir nöqtəyə qırpımsız dikərək, yenə düşüncələrə daldı. Düşünürdü. Bütün keçmişləri, hətta beş yaşından bəri başına nələr gəlmişdisə, hamısı birər sinema lentası kimi gözündən gəlib keçirdi. Başqa bir şey eşidilmirdi. Bu hal bir qədər davam etdi. Həmid, beləliklə, heç yerdən bir çarə, heç kəsdən bir yardım görmədi, get-gedə yoxsulluq onu məngənə kimi sıxır və həyat mübarizəsinə məcbur edirdi. Ehtiyac insanın amiridir. Qürbət ölkə, kimsəsizlik... ehtiyac... Artıq Həmid hər bir şeydən ümidini kəsib, öz əməyi ilə, öz zəhməti ilə özünü dolandırmaq üçün çalışmağa başladı. Çox çəkmədi ki, özünü itirmiş və donub qalmış Həmid yaşayış yollarını öyrəndi. Çalışırdı. Inqilab mərkəzi olan Moskvanın siyasi tufanları arasında iki il sürdüyü həyat ona əsər etməyə bilməzdi. Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya siyasətini düşünür və bu siyasət arasında vətəndaşları üçün nicat yolu arayırdı. Bununla Həmidin bir millətpərəst olduğu anlaşılmasın. Iki il bilaaram qəzet sütunlarından, əhalinin ağzından, əsgərlərin mahnı səsindən, hətta topların səsindən, moskitlərin vızıltısından, çəkiclərin cingiltisindən belə gözlərinə, qulaqlarına çarpan “internasional” sözü onun iliklərinə işləmiş, tam mənasilə bir beynəlmiləlçi olmuşdu. Fəqət gizli bir hiss onu həmişə Qafqaziyanın yaşıl dağlarına doğru çəkirdi. O bilirdi ki, bütün millətlər arasında zavallı vətəndaşları ən geri qalmış bir xalqdır. O, bilirdi ki, vətənində zəhmətkeş xalq onun biliyinə, iki ildə aldığı təcrübələrə, onun qüvvətinə və çalışqanlığına möhtacdır. Bütün qüvvətini, biliyini bu zavallı xalq yolunda işlətmək arzusu onu həmişə vətəninə doğru sürükləyirdi. Xüsusən qardaşını çox görmək istəyirdi, kölgəsində böyüdüyü və özündən çox sevdiyi qardaşını xatırlayınca, Həmid bir quş kimi qanadlı olmasını arzu edirdi. Bu aralıq Moskva radiosu Azərbaycanda inqilab xəbərini ildırım kimi bütün Moskvaya yaydı. Ilk vaporlar Həmid Bakıya doğru yola düşdü. Vapor Bakı əskələsinə yanaşınca, Həmid göyərtədə bir sevinclə çocuqluğunu keçirdiyi altun yurdu Bakıya baxırdı. İki il bundan əvvəl, sadəcə, buraxıb getdiyi Bakıya o indi başqa bir əhəmiyyət verirdi. O indi ona siyasi və hərbi nöqteyi-nəzərlə baxır, onu bütün Şərq inqilabının qapısı kimi görürdü. Xüsusən bu şəhərin divarları arasında keçirdiyi məktəb həyatını, çocuqluq günlərini düşündükcə, hissiyyatı daha da coşur, doğma bir ruzigar saçlarını oxşa- dıqca, vapordan enmək, Bakının torpaqlarını öpmək istəyirdi. Çəkilməz bir ehtiyac içində buraxıb getdiyi əziz qardaşını düşününcə, körpüyə yanaşmaq üçün yavaş-yavaş yürüyən vaporun tənbəlliyindən darıxıb, suya atılmaq, tez özünü qardaşına yetirib boynundan sarılmaq, öpmək istəyirdi. O bilirdi ki, qardaşı onun sağ olduğunu görüncə sevinəcək. Hələ də qardaşını görüncə, özünün nə qədər sevinəcəyini təsəvvür edə bilmirdi. Doğrudan da, Həmidin çalışqanlığına, təcrübəsinə və gənc qüvvəsinə ölkəsində ehtiyac yox idi. Gələn kimi vəzifə başına keçdi. Bir az keçincə, Həmidin doğruluğu və çalışqanlığı vəzifəsinin çoxluğuna səbəb oldu. Onu məmləkət idarəsində ən məsul bir vəzifə olan IşçiƏkinçi Müfəttişliyinə təyin etdilər. Neçə gün idi ki, Həmid müfəttişlikdə işləyirdi, bir dəqiqə rahatlıq bilmirdi, gecə-gündüz çalışır, çalışır, yenə çalışırdı. Bu zəhmət və çalışmaq Həmidi nə qədər sevindirirdisə, qardaşını görməmək o qədər acındırırdı. Neçə gün idi Həmid arayır, qardaşından bir xəbər bilmirdi, Bağır harada isə itmişdi. Bu aralıq Lənkərandan Həmidin yanına ixtiyar bir qadın gəlib... * * * Çocuq 22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu. Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki “doğru deyirsən”, “yaxşı deyirsən”, “qorxma”, “tez bitir”, deyə sözlərini başı ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi. Nəhayət, bütün qurultayı anlaşılmaz bir heyrət sarmışdı. Sözlərin düzülüşündə duyulan incə bir ahəng və tənasüb, sözlərin deyilişində hiss dilən qətiyyət və inam, ifadə etdiyi fikirlərdə çırpınan ciddiyyət və qüvvət salonu o qədər cəzb etmişdi ki, dinləyənlər nəfəslərini belə çəkməyə tənbəllik edirdilər. Ara-sıra: “Bu çocuq kimdir? Kimdir? Kimdir?” – deyə hər kəs bir-birinə tələsik sorğular verir və cavab bəkləmədən yenə dinləməyə başlayırdı. Zatən kimsə cavab da vermirdi. Çocuğu kimsə tanımadığından yalnız umuzlar atılır, yenə salon dərin bir sükuta dalırdı. Çocuq arıq, bükük vücudunu dikəltmiş, qaşlarını çatmış, iri, sərt bir baxışlı gözləri ilə salonu süzərək danışırdı. Ara-sıra baxışları salonun ta uzaq bir bucağında oturmuş ağ ipək köynəkli gənc bir qadında saxlanır, sanki onun salonda olub-olmadığını, dinləyib-dinləmədiyini yoxlamaq, sözlərinin təsirini, vəziyyətini necə olduğunu onun gözlərində oxumaq, onun hərəkətlərindən anlamaq istəyirdi. Bir qırpım çəkmədən yenə gözlərini qaçırır, sözündə davam edirdi. Doğrudan da, gənc qız bütün varlığı ilə bir diqqət kəsilmişdi – saralır, qızarır, natiqin sözündən bir iztirab, hər kəlməsindən bir vəziyyət alır, bir sözlə, natiqin həyəcanları ilə yaşayırdı. Bir qız natiqin öz çıxışına nə qədər əhəmiyyət verdiyini gözəl bilirdi. Məktəbə girdiyi ilk gündən etibarən öz işini öyrənməyə, axtarışlar, təcrübələr yapmağa, yeni yollar, üsullar aramağa başlamışdı. Təcrübələrdən bir yeni nəticələr çıxarmış gənc olduğundan və yürütdüyü fikirlər bir taqım böyük və tanınmış alimlərin fikirlərinə müxalif olduğundan kimsə onunla hesablaşmır, sözlərini dinləmək istəmirdi. Nəhayət, ümid bu qurultaya bağlanmışdı. Burada öz sözlərini deyəcək, anladacaq və qurultaydan alacağı tədbir vasitəsilə öz doğruluğunu, onunla hesablaşmaq istəməyən əski müəllimlərə anladacaqdı. Ara-sıra özü istəmədən bir taqım fikirlər də başından keçirdi. Bu çıxış onu hər kəsə tanıdacaq, onu cəmiyyətə çıxaracaq, hər kəsə bəyəndirəcəkdi. Ağ köynəkli gənc qadının da salonda olması və onu, bəlkə də onun müvəffəqiyyətlərini görməsi əhəmiyyətsiz və bunu arzu etməsi də mənasız deyildi. Qoca müəllimin bu çıxışdan sevinəcəyini və təqdir edəcəyini, ya başqa müəllimin buna etiraz edəcəyini, daha bir çox başqa şeylər düşünmüş idi. Fəqət əsl məqsədi yenə də öz doğru fikirlərini keçirmək idi. Zavallı xüsusilə son həftəni büsbütün uyumamış, gecə-gündüz çıxışına hazırlaşmışdı. Bir-bir fikirlərini yoxlamış, ölçmüş, biçmiş, ediləcək etirazları təsəvvür etmiş, cavablar hazırlamış, kim bilir daha nələr düşünmüş, təsvir etmişdi. Gecənin qaranlıq dərinlikləri arasında gah özünü gurultulu alqışlarla, munis, gülər çöhrələrlə qarşılanmış təsvir edirdi, daha da salonda qopacaq: “Bəsdir, sarsaq, mənasız sözlərlə vaxt itirməyə dəyməz!” – deyə eşidilə biləcək sözləri təsəvvür edir, ürəyi döyünür, qan beyninə vururdu. Təklifi üçün qaldırılacaq barmaqları xəyalında sayır, keçdi, keçmədi, alqışlar, “bəsdirlər”, qoca müəllimin təqdiri, müxtəlif müəllimlərin etirazı, ağ köynəkli qızın deyəcəkləri... Kim bilir, bir dəqiqədən sonra o, salondan necə çıxacaq, ya hər kəs barmağı ilə onu göstərərək, bir nəvazişlə üzünə gülümsəyərək, yaxud gülünc bir çocuq kimi yorğun, narazı baxışlar onu yerinə ötürəcəkdi. Artıq söz başlanmış, nə olursa olsun, hər şey keçmişdi, salondakı dərin sükut və diqqət natiq tərəfindən söylənən sözlərin bir o qədər də bayağı olmadığını, xüsusilə maarif komissarlığı nümayəndəsinin öz səndəlini irəli çəkib, böyük bir diqqətlə dinləməsi, hətta tez-tez öz dəftərinə qeydlər götürməsi, sədrin, bütün rəyasət heyətinin və bütün salonun ufacıq bir çıqqıltıya qarşı bir əsəbiyyətlə: “Sus, sus!” – deyə diqqət cəlb etmələri natiq tərəfindən söylənən fikirlərin ciddi olduğunu anladırdı. – Biz başqaları tərəfindən hazır qanunlar bəkləməyə heç də haqlı deyilik. Biz öz mühitimizi aramalı, öz məktəblilərimizi, öz çocuqlarımızı öyrənməli, dərslərimizi onların ümumi vəziyyətinə uyğun xüsusi üsullar düzəltməliyik. Xatırlamadığım bir nəfərin dediyi kimi, bu gün Avropada bir nəzəriyyə halında irəli sürülən fikirlər bizdə bir qanunkimi qəbul edilir. Halbuki... – Biz bilmədik bu kimdir? – deyə üçüncü sırada oturan birisi yanındakından soruşdu. – Mənim mütəəllimimdir. Mənim, mənim. Zəki bir çocuq idi. Onu mən tərbiyə etmişəm. Yoxsul idilər, atası da yox idi, xərcinin çoxunu... Bu mənim əməyimin nəticəsidir, – deyə üç stul ötədə oturan üzü qırışıqlı bir ixtiyar böyük bir sevinc və gizlənməz bir vüqarla cavab verdi. – Adı nədir, adı, adı? –... – Adamın gərək özündə də bir zəkavət olsun. Bax gör, bülbül kimi danışır, bülbül kimi!.. Bərəkallah! Qabil uşaqdır, çalışqandır, çox kamildir, mənim mütəəllimimdir... İxtiyar müəllim sevincindən özünü unutmuşdu, bərkdən natiqi mədh edirdi. Ancaq sədrin ikinci zəngi ixtiyar müəllimi bir qədər susdura bildi. 30 illik ömrünü, cavanlıq və bacarığını müəllimliyə sərf etmiş və zavallı ixtiyar bu gün öz əməyinin nəticəsini, ufacıq yaxası qırtıq mini-mini bir çocuqdan bu gün belə mübariz bir qüvvət yetişdirdiyini görüncə, sevincindən atılıb-düşmək, ara-sıra: “Bu mənim şagirdimdir”, – deyə bərkdən bütün salona bağırmaq istəyirdi: “Doğrudur, doğrudur, bərəkallah, əhsən, afərin!.. Bülbül kimi danışır...” Zavallı ixtiyar sakit olmurdu. – Əfv edərsiniz, – deyə birdən sədr zəngi çalıb qalxdı. “Bəsdir, bəsdir”, – sözləri bir ildırım kimi zavallı natiqin başından fırlayıb, bir qırpımda meyit kimi saraldı. – Vaxtım bitdimi, bu saat bitirirəm, – deyə tez sədri qabaqladı. – Yoldaşlar! Natiq vaxtından da 15 dəqiqə artıq danışmışdır. Fəqət söylədiyi fikirlər və qaldırdığı məsələlər olduqca mühüm olduğundan divani-rəyasət natiqə sözünü bitirmək üçün vaxt verilməsini təklif edir. – Danışsın, danışsın, – deyə alqışlayan salondan: – Əlbəttə, danışsın, yaxşı danışır, doğru deyir: Danışsın! – deyə bağıran müəllimin səsiguruldayırdı. – Bizdə daima çocuqlarda oxudana qarşı dinməz bir itaət yaradılmasına, oxudanların oxuyanlarda kamil, yenilməz bir qüvvət görülməsinə, çocuqlarda müəllimə qarşı bir acizlik duyğusu vücuda gətirilməsinə, bir çox müəllimlərimizin təbirincə deyəcək olursaq, müəllimə qarşı çocuqda bir etimad yaradılmasına çalışır. Bu, doğru bir üsul deyildir: çocuğun mənliyi əzilməməli, onda bir mütəşəbbüslük yaradılmalı, hər şeyə qarşı bir arayıçılıq, bir şübhə, bir tənqid istedadı vücuda gətirilməlidir. Çocuq daima öz müəllimini bir rəqib kimi görməli, onda müəllimindən daha artıq bilmək, bilməyə çalışmaq həvəsi oyatmalıdır. Bu hal, bu qətiyyət oxuyanda ta çocuqluqdan tərbiyə edilməlidir. – Doğrudur, doğru deyir, bərəkallah! Çocuq gördü ki, müəllim bir şey bilmir, müəllimin evi yıxıldı, hörmətdən düşdü, ondan sonra artıq sinifdə dayanmaz. Bərəkallah, doğru deyir, doğrudur... – deyə ixtiyar müəllim sözün fərqinə varmadan mədh və təsdiq edirdi. Ixtiyarın yanında oturmuş təxminən 50 yaşlarında parlaq bürünc düyməli, itigözlü başqa birisi də natiqə baxır və tam başqa bir şeylər düşündüyü üzündən görünürdü. Bu da gənc natiqin müəllimi idi. Fəqət öz mütəəlliminin çıxışı ona tam başqa dürlü bir təsir bağışlamışdı. O dünənki yaxası yırtıq bu çocuğun bu gün belə bir cəsarətlə çıxışda bulunmasını, bütün dünyada hökmran sanılan fikirləri alt-üst, hakim sanılan filosofları belə tənqid etməsini bir dürlü təsəvvür edə bilmirdi. Öz vicdanına qarşı natiqin bir çox sözlərinin haqlı olduğunu görürdü. Fəqət bir dürlü inana bilmirdi. O bu çocuğu daima öz sözlərinə tabe görməyə, onun üzərində fikri hökmranlıq sürməyə alışmışdı. Bu gün onun öz müəllimindən daha dərin düşünə biləcəyini qəbul etmək istəmirdi. Bəzən özünü məğlub olmuş kimi hiss edir, darılır, hətta: “Artıq bəsdir, başqasına söz verin”, – deyə səslənmək istəyir, fəqət natiqin sonuncu sözünün çox maraqlı olduğunu görüncə, cümlə bitənədək qəsdini təxirə salır və beləliklə, istər-istəməz susub qalırdı. Bu adam öz mütəəlliminin doğrudan da, çox irəli getdiyini, özündən çox bildiyini və daha dərin düşündüyünü hiss edir, fəqət yenə özünün məğlub olmasına inanmır, daha doğrusu, inanmaq istəmirdi. Nəhayət, natiq gurultulu alqışlar altında sözünü bitirdi. Çənəsindən damcı-damcı tər tökülürdü, alqışlayanların bir çoxu natiqin təklifləri ilə razı deyildi. Fəqət hər kəs ondakı cəsarəti, qüvvəti və qətiyyəti istər-istəməz alqışlayırdı. Xüsusilə ixtiyar müəllim salonu dağıdırdı. “Bərəkallah, əhsən, afərin! Mənim mütəəllimimdir, çox kamildir, çox, çox”, – deyə sağa-sola mədh edirdi. “Çocuq” sözlərini bitirdikdən sonra nəfəsini dərmək üçün çıxdı. Gördüklərinin üzünə baxır, çöhrələrindən, danışıqlarından nə kimi bir münasibətdə olduqlarını, təqdir etdiklərini, ya bəyənmədiklərini anlamaq istəyirdi. Fəqət hər kəs bir maraqla çocuğa baxır, kimsə bir söz demirdi. Çocuq gözlər ilə tanış bir adam tapmaq, nə danışdığını soruşmaq, daha doğrusu, bir təqdir etmək istəyirdi. Olduqca yorğun və əzgin olduğunu ancaq indi hiss edirdi. Bu aralıq bir nəfər böyük bir gurultu ilə adamları yarıb gənc müəllimin boynuna sarıldı. “Bərəkallah, əhsən, afərin, yaxşı danışdın, əməklərimi hədərə vermədin, başımı ucaltdın”, – deyə arası kəsilmədən saymağa başladı. Bu, bayaqkı Ixtiyar müəllim idi. Başının ağ tükləri arasından süzülən tər damcıları biixtiyar gözündən axan yaşlara qatışmış, tühaf görkəm vücudə gətirmişdi. Gənc müəllim sevincindən gözləri yaşarmış, boğulur kimi, bir söz demək istəyir, fəqət danışmırdı, eyni zamanda zavallı, bir nəfəri arayırmış kimi, ətrafını süzür, bir çox kişilər, qızlar, qadınlar görür, ancaq aradığını görmürdü. Müzakirələr davam edirdi... Gənc natiq məruzəçi deyildi, o ancaq müzakirə təriqilə danışmışdı. Fəqət məsələ ətrafında artıq bitməkdə olan müzakirə yenidən qızışdı. Əvvəlləri gənc natiq sözlərinə etina edilməyəcəyini, hətta adı belə çəkilməyəcəyini gözləyirkən, iş tam tərsinə çıxdı. Gənc natiqin adı və dedikləri bir müsahidə məhvəri kəsildi. Sonuncu natiqlər onun nitqinə toxunur, bir çoxları, hətta maarif komissarlığı nümayəndəsi də nitqini tənqid edirdilər. Fəqət bu danışıqların hamısında bir cəhət var idi. Gənc natiqə müxalif olanlar belə onu böyük bir qüvvət kimi tələqqi edir, sözlərində ona qarşı müəyyən bir hörmət ifadə edirdilər. Yalnız bürünc düyməli müəllimin sözləri bir qədər sərt idi. “Bunlar hamısı çocuqluğun, təcrübəsizliyin nəticələridir, bizdə ən böyük nöqsan – hər kəsin bildiyindən artıq danışmasıdır... ”, deyə bu kimi sözlərlə gənc natiqi tənqid edirdi. O, dünənki bu çocuqluqla bu qədər hesablaşmanın lazım olduğunu qəbul eləmirdi. Halbuki məktəbdə həmin çocuğu ikinci sözdə susdurmaq olurdu. Gənc natiq bunlara əhəmiyyət vermirdi, artıq müəllimə hörmət və itaət vaxtı deyildi. Burada bir fikir mübarizəsi gedirdi. Gənc müəllim bütün köhnələri alt-üst edən tam yeni bir dərs üsulu təklif edir və öz təklifini bütün etirazlara qarşı böyük bir qətiyyət və cəsarətlə müdafiə edirdi. Hətta müəlliminin sərtliyinə sərtliklə cavab verməyib, olduqca soyuqqanlı davranaraq, bəzən müəlliminin də dolaşıq təbirlərini müntəzəm və məntiqi bir şəklə salır və ətraflı bir surətdə təhlil ilə olduqca məntiqi cavablar verirdi. Müzakirə bitdi. Məsələ səsə qoyuldu. Gənc natiq bir guşədə oturub, veriləcək səslərin nəticəsini gözləyirdi. “Keçəcəkmi, keçməyəcəkmi?..” Bu iki söz bulanıq bir yuxu kimi zehnindən keçir, bəzən ikincini təsəvvür edincə, ürəyi döyünürdü. – Kim istəyir? – Kim əleyhinədir? – Kim bitərəf qalır? Gənc natiqin ürəyi döyünürdü, titrək dodaqlarından qan içdi. Gənc natiqin təklifləri keçmirdi. Bir dəqiqə qədər bütün varlığını bir süstlük sardı. Eyni zamanda zehnində bulanıq bir ümid parlayırdı: “Görünür ki, ətraflı düşünməmişəm. Əlbəttə, səhvlərimi taparam”. Fəqət dediyi və çox gözəl anlatdığı bir çox açıq fikir və həqiqətlərin necə oldu da qəbul edilmədiyini anlamırdı. Gözlərini bir utancaqlıqla yerə dikərək, bir məğlubiyyət duyğusuilə salondan çıxdı. Ilk gözünə sataşan adam ağ ipək köynəkli qadın idi. Sürəkli, əzici və mənalı baxışlarını gənc natiqin gözlərinə dik qaldırmış, çöhrəsindəki qızartını süzürdü. Sanki onun həyəcanlarını öz baxışları ilə oxşayıb susdurmaq istəyirdi. Eyni zamanda açıq qapıdan sədrin səsi eşidilirdi. – Təklif bütünlüklə rədd edilsə də, hər halda bir çox dəyərli və yararlı həqiqətləri etinasız buraxmamaq və təhlil edib müntəzəm bir hala salmaq üçün XMK-nın proqram komisyonuna verilsin. * * * Altun heykəl Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunması ilə mühitindəki adi kəndlərdən ayrılır. Əhalisi adətən sair kəndlilər kimi əkinçiliklə məşğul olur və bəzən dəxi yaxın mahallara maral, dağ kəli ovuna gedərlər. Gündüzləri ağır işlərdən yorulmuş ixtiyarlar daxmaların önündə toplaşaraq keçmişdən, gələcəkdən danışar, gənclər isə çəmənlikdə, meşə və bağlarda bir qədər gülüb danışdıqdan sonra evlərinə dönərlər və yuxudan erkən qalxmamaq üçün axşamları tez yatarlar. Bu kimi kəndlərdə qadın və qızların gün keçirəcək yerləri bulaq başıdır... Xeybərinin yaxınlığındakı bulaqdan su aparmağa gələn əlvan bəzəkli, sağlam vücudlu qızlar, təbiətin gözəlliyi içərisində bu təbii gözəllər, onların azadə quşlar kimi bir-birilə qonuşub-gülüşmələri, axşam günəş dəydikcə min dürlü rənglərlə çağlayan bərraq suyun gurultusu insana bütün qəmlərini unutdurur, ixtiyarlar ruhən belə gəncləşir, eşq-məhəbbət öz-özünə insanın qəlbinə dolur, insanı bayğın edir. Burada hər ağacın kölgəsi, hər bir kol, bir eşq yuvası, bir məhəbbət aşıyanıdır. Ufaq bir budaqda iki quşun qanad-qanada sürtərək quculdaşa-quculdaşa danışması tamamilə bir eşq dastanı deyilmidir? Müzəffər hər axşam qoyunlarını sulamağa gətirərkən Ceyranı orada görmüş və sevmiş idi. Lakin qəlbinə malik olmuş eşqi Ceyrana açıb söyləməyə bir dürlü cəsarət etməyir, söz tapmayırdı... Ona aşiq olması yalnız sübh zamanları mal-qara arxası ilə gedərkən söylədiyi yaxıcı şikəstələrdən, dərdli-dərdli ahlar çəkməsindən anlaşılırdı... Müzəffər oxuduqca, yüksək qayalardan eşidilən əks-sədası sanki “eşq-eşq”, – deyə Müzəffərin eşqini daha artıq şiddətləndirirdi. Dərdini şikəstələr arasında yalnız dağlara, qayalara və ormanlara söyləməyə məcbur olan Müzəffər, o məsum, ta səsini heç bir kəsə söyləməzdi... İş-gücünü buraxaraq, kölgə kimi Ceyranın arxasınca daima bulağa getməyi özünə bir adət, bir borc bilərdi. On beş yaşlı Ceyran əvvəllərdə heç bir şey anlamadan al rəngli şalına bürünüb, özü yaşda qızlarla bulağa gedər, onlarla danışar, gülər, atılar-düşərdi. Lakin Müzəffərin aylarla davam edən təqibi, Ceyranı artıq şübhəyə saldığından, bulağa gec-gec və mümkün qədər başqa qızlarla bərabər getməyə və Müzəffəri görüncə yaşınmağa məcbur etmişdi. Ceyranın bu surətlə saqınması, Müzəffərin eşqini get-gedə şiddətləndirir, biçarə gənci divanə edirdi... Nəhayət, öz hissiyyatını Ceyrana bəyan etməyə və ondan ülfət təmənnasına qərar verir... Bir axşam bulağın yaxınlığındakı ağac altında oturub Ceyranı gözləyirdi. Ceyranın gəlməsinə müntəzir, ağaca söykənmiş və sükuta dalmış ucaboylu, enlikürəkli, sağlamvücudlu Müzəffər axşam günəşinin altun şəfəqləri altında, altundan məmul bir heykələ bənzəyirdi. Bir neçə dəqiqə sonra ayaq altında basılmış ot xışıltısı bu sükutu pozmuş idi... Xışıltını hiss edən altun heykəl hərəkətə gələrək, ətrafa baxmağa başlamış və nəhayət, bir neçə qədəm bulağa doğru yürümüşdü... Bu halda Ceyranı birdən-birə öz önündə gördüyündən, durduğu yerdə donmuş kimi qalmış, öz gözləri ilə gördüyünə inanmamışdı... Bir neçə saniyə hər ikisi heyrətlə bir-birinə baxdıqdan sonra Müzəffər birdən-birə sıçrayaraq, Ceyranın ayağına yıxılmış və torpağı öpərək, özünəməxsus bir dil ilə ürəyində bəslədiyi məhəbbətini ona anlatmağa başlamışdı... Indi o böyük vücudlu Müzəffər kiçik Ceyranın ayaqları üzərində boynu zəncirli və bayılmış bir pələngin qüvvəsiz bir mələk ayağına yıxılmış olduğu kimi görünürdü... Ceyran isə, ovçu hücum edərkən anasından ayrı düşmüş bir ahu yavrusunun həsrətlə arxaya baxaraq, həyəcanla mələdiyi kimi, heyrətlə ətrafa baxıb bir ağız xəfif, fəqət dəhşətli imdad sədası çıxarmışdı... Müzəffər isə qızın dəhşətinə mültəfit olmayıb, bəslədiyi arzuları, aydınlıq gecələrdə Ceyranı şəlaləyə tamaşa etməyə aparacağını, onun üçün şərqilər oxuyacağını və min dürlü səfalar çəkəcəklərini vəd edirdi... Lakin əbəs... Ceyran, məhəbbətin nə olduğunu ciddən düşünməyib, Müzəffərin bu təşəbbüsünə etina etməmiş və bir anda gözdən qeyd olmuşdu. Müzəffər isə bir qədər xəyalata dalmış, durmuş, sonra günəşin son şüalarına bir daha baxıb yürümüş və haraya getdiyini qətiyyən düşünməyərək, Ceyran qaçdığı yolla getməyə başlamış. Nəhayət, vücudu ümid və həyatla dolu dəliqanlını divanə kimi buraxmış... Ceyranın valideyni vaqiəni anlayınca, qızı xilas etmək məqsədi ilə, əqrəbasından birisinə vermişlər. Hər gün axşamları Ceyranı ziyarət etmək qəsdi ilə bulaq başına gələn zavallı Müzəffər bu xəbəri eşidincə, təhəmmül edəməmiş və xəstələnmiş... Bulaq yaxınlığında durub məhbubəsini gözləmək vəzifəyi-müqəddəsini artıq icra edəməmiş... Vərəm xəstəliyi Müzəffəri fəna bir hala salmışdı. Lakin fürsət və imkan tapdıqca, sevdiyini görmək üçün yenə də bulaq başına gedərdi. Lakin Ceyranın bir daha bu yerlərə gəlməyəcəyini hiss edərək, həyatdan büsbütün bezikmiş və getgedə xəstəliyi şiddət etmişdi... Az zaman sonra dul qalmış Ceyran məsum günlərini xatırlamış, acı fikir və xəyalatdan qurtulmaq üçün bir axşam bulaq başına getmişdi və dilənçi qiyafəsində özünü günəşə vermiş olan bir xəstəyə təsadüf etmişdi... Bu zaman arslan, igid Müzəffərin, vaxtilə altun heykəl kimi təsəvvür edilən sağlam vücudlu gəncin son halı idi. Həyatdan təcrübə almış Ceyran, zavallının bu hala düşməsinə məhəbbət bais olduğunu dərk etdiyindən, bu dəfə Müzəffərə rəhmi gəlmişdi. Xəstə Müzəffərin əllərini öz əllərinə alıb, bundan sonra özünün ona ömür yoldaşı olacağını vəd və Müzəffərdən əski məhəbbət naminə bu təklifdən baş qaçırmamasını rica etmişdi. Qəlbini ələ gətirmək məqsədi ilə Müzəffərin əllərini öz əlləri arasında sıxı-sıxı tutmuşdu. Sənələrlə arzusunda bulunduğu bu məhəbbət, Müzəffərin həyatının son dəqiqəsinə təsadüf etmişdi... Ceyran əllərini Müzəffərin əllərindən çəkincə, qarşısında ruhsuz bir cəsəd görmüşdü... * * * Qara Qənbər Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı. Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Qənbər görürdü ki, qulluq heç çətin şey deyildir. Xülasə, səhər bir neçə saat kabinetdə əgləşmək, həftədə də iki-üç dəfə idarə və komisyələr iclasında olmaq lazımdır. Başqa vəqtlərini də tiyatroda, qonaqlıqdaxoşluqla keçirərdi. Qara Qənbəri hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbərin tanış və dostları da az degildi, özü də adlı-sanlı adamlar idi: hamı da bunu ora-bura qonaqlığa dartardı, böylə ki, Qara Qənbərin heç vaxtı çatmazdı. Hər evdə xanımlar buna söyləyərdi: Biz vallah hər şəxslə aşna, dostluq etmərik, amma nədənsə hər kəs bizimlə tanış olursa, heç qiyamətədək tanışlığı pozulmaz. Bu neçə ildə bizim evdə cürbəcür böyük qonaqlar olubdur. Ingilis, türk zabitləri, hamısı bizdən razı gediblər. Siz də bizim əziz qonağımızsınız, elə degilmi?.. Qara Qənbərə o qədər qulluq göstərirdilər ki, o axırda bu işlərdən sərxoş kimi olurdu. Az qalırdı əqli uça. Qara Qənbərin əqli də az deyildi: hər kəs onunla bir neçə kəlmə qonuşurdu, onun təbii əql və zəkasına təəccüblük göstərirdi. Bu gün Qara Qənbər aynaya baxıb, öz-özünə söylənirdi: böylə yaramaz bığları gərək qırxdıram, modnı edəm. Paltarı da gərək dəyişəm, fasonlaşdıram. Daha “NEP” zamanıdır. Bir neçə gündən sonra Qara Qənbəri kim görsəydi, tanımazdı. Bundan sonra Qara Qənbər tanışlarının yanına getdikdə daha utanmazdı. Amma bir şey onu çox sıxardı: böylə ki, hamu qonaqlar gəldikdə məclisdə olan xanımların əlini öpərdi, ancaq Qara Qənbər bilməzdi ki, nə etsin. Çünki ömründə böylə şeyə rast gəlməmişdi. Əvvəllər çox sıxılırdı, bəlkə bərk də qızarırdı. Amma sonra gördü ki, hamu böylə edir, bu adi bir işdir, həm də gözəl işdir. O da axırda qonaq gəldikdə xanımların yumşaq əllərini qalın dodaqlarına aparırdı. Amma Qara Qənbər yalnız əvvəllərdə böylə edərdi, dişarıda ehtiyat edərdi. Içki kampaniyasında Qara Qənbər həmişə tost söylərdi və deyərdi ki, Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatımızın artmasına böyük səbəbdir. Daha artıq kəndlə şəhərin yaxınlaşmasına vasitədir. Köhnə yoldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyordular. Bədəni dolmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyordu və onu çox təşəxxüslü edirdi. Qara Qənbər hərdən bir tanış fələyə rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çox ağırdır. Yoldaş, yorulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyorlar... Fələlərlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışardı. Qara Qənbər böylə məsələlərdə böyük diplomat olmuşdu. Bununla da işi xod idi. Güzəranı da xoş keçirdi. Qara Qənbər paxıl degildi, öz qohumlarını da unutmazdı. – “NEP”dir hər kəs öz canının fikrindədir. Bən niyə başqalarından dala qalım? Bən də gərək özümə bir gün qazanam, ancaq inandığım adam lazım... Bu fikir eyləyib Qara Qənbər qardaşlarını və başqa qohumlarını bir yadına saldı. Onlar elə Qara Qənbərin kölgəsində yaşayırdılar. Imdi ona daha yaxın oldular və Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul olurdular. Axırda mənfəətli qulluqlara da girərdilər. Qara Qənbərin bir fikrinə əməl olduqda tazədən onun başını başqa fikirlər çulğalayordu. Bən böyük mərtəbəyə sahibəm, qanacağım var, inteligent adamlarla günüm keçir, ancaq... bu arvad ilə bilmirəm nə edim. Doğrusu, Qara Qənbər öz halından şikayətçi degildi, yalnız arvatdan narazı idi. Qara Qənbərin arvadı çox sadə idi. Türkəsayaydı: gələn qonaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi... Bu haldan da Qənbər çox utanardı, çəkinərdi. Nə etməli, Qara Qənbər arvatdan sıxıntı çəkir. Arvad yadına düşəndə sir-sifətini turşudur. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum artırdı. Axırda Qənbər tab gətirməyib, arvatla tək qaldıqda dedi: – Böylə olmaz, bu nə dirilikdir, biz gərək ayrılaq, daha bizim fikrimiz və ürəyimiz bir-birini tutmur, doğrusu, sən bəni xəcalət eyləyorsən. Biçarə arvadın az qaldı ki, ürəyi çatlasın, nitqi tutuldu. O bu sözləri çoxdan gözləyirdi. Çünki Qara Qənbərin axır hərəkətləri bunu göstərirdi. Qənbərin arvadı mübarizəni əbəs bildi. Çünki Qara Qənbərin gücünə güc çatmazdı. Qonşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kor eləmiş... Uzun müddət keçdi, Qara Qənbər evi də, arvadı da təzələdi, keçmişini unudub təzə ömür sürürdü. Onun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qonaqlarla yaxşı rəftar edirdi. Geyimi Avropa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bozbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi modiska parixmaxer qulluğunda hazır idilər... Qara Qənbər baxıb yağ kimi əriyirdi. Avtomobil, fayton, skaçkalar, tiyatorlar, qonaqlar, bağlar... Qara Qənbər fikir edirdi ki, daha rahət günə çatdı, bundan sonra daha insan kibi yaşayacaqdır. Həyat yaxşılaşdıqca şirinləşirdi, şirinləşdikcə də Qara Qənbərin fikirlərini və ürəyini duman kimi çulğayordı. Qara Qənbər guya bir şirin uyğuya baxırdı... Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtomobili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına o halda dolanmağa başladı. Sabahı günü hamı deyordu ki, daha qudurqanlıq bitdi... * * * Gülzar Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o, yalnız o bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarımqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi. O bu gecə gəlin gedirdi. Tam altı aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb: “Ey Quran, ey uca pərvərdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol!” – deyə göz yaşları ilə yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən, bir o qədər də maraqlanmırlardı. Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsinə olaraq, çox sevdiyindən və sevincindən ağladığını, kimisi də “adətdir”, “qızlar gəlin gedərkən ağlarlar”, – deyə yenidən özlərini bir susmaz gurultuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müdhiş iztirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss edir və əski qabıqlı Quranını bağrına basaraq: “Ey Quran, ey Quran sahibi, sənə pənah gətirmişəm”, – deyə için-için ağlayır, göz yaşlarını tökürdü... Ox, o fəlakətli gecə olmasaydı! Bu, on beş-on altı yaşlarında, ortaboylu, qara gözlü, uçqun yanaqlı, sarımtraq bənizli bir qızcığazdı. Altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. Ilk baxışda bir o qədər də gözəl görünmürdü. Lakin bir qədər diqqətlə baxdıqda onda başqa bir gözəllik görmək mümkündü... Baxışları altına düşən hər kəsi ildırım kimi sancan iri, qara gözləri, bu qara gözlər üstündəki incə, uzun qaşları, qanı axacaq qədər qırmızı, çiçək yarpaqları qədər zərif, incə və titrək dodaqları, hətta ağzının böyüklüyü və siması arasındakı incə bir tənasüb, – onu seyr edən hər bir kəsdə anlaşılmaz bir həyəcan oyadırdı. Xüsusilə, əlində bir çomaq, dünya malını təşkil edən iki keçisini dağdan endirərkən, dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil edirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş etməyə bilməzdi. Bəli, bütün solğunluqla, bütün nöqsanlarına baxmayaraq, kənddə hər kəs onun gözəlliyini etiraf edirdi. Gülzarı, yalnız kəndin gəncləri deyil, hətta ixtiyar kişiləri, qadınları da sevirlərdi. Ta uşaqlıqdan yetim qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. Anasının gözlərinə, kənd qadınlarının dediyinə görə, qara su enmiş idi. Ona görə Gülzar ta uşaqlıqdan evdə çalışmış, zəhmətə alışmışdı. Bir qədər böyüyüncə, yoxsul evlərinin bir o qədər də böyük olmayan zəhməti onun üçün asanlaşmışdı. Artıq Gülzar daha ağır işlər görə bilir, mal-qara saxlaya bilir, xalça-palaz toxuya bilirdi. lakin yunları olmadığından Gülzar bəzən qonşuları üçün icrətlə çalışır, amma bu da həmişə olmurdu. Hər nə olsa da, Gülzar vaxtlarını boş keçirmir, hər kəsin bir işi olursa ona kömək edir, bacardığı qədər toxuyur və yardım edirdi. Başqa qoca bir qadını suya gedən görüncə, haman gedib dolçasını alır, doldurub gətirərdi. Bir evdə yas oldumu, oraya gedir, bacardığı qədər çalışır və o qədər səmimiyyət göstərirdi ki, hər kəs onu həmin evin adamı kimi bilirdi. Hər kəsə ehtiram edər, hər kəsi sevər, hər kəsi ana, bacı, ata, qardaş kimi görərdi. Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. Kənddə bir qız tapılmazdı ki, adına sözlər deyilməsin. Birinin ayağı dolaşdımı, haman ətrafda dastan açılır: “Dağ-divara dırmaşır”, “Filankəsə söz atdı”, “Gecə filankəslə danışdı” və s. Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməzdilər. Yalnız Gülzar bu dediqodulardan kənar qalıb, su kimi pak və təmiz bir ad saxlamışdı. Atalar qızlarına darılarkən, Gülzardan ibrət almalarını tapşırır və qadınlar Allaha yalvarıb, övlad dilərkən, Gülzar kimi pak və namuslu bir qız istərlərdi. Bax, buna görə də bu gecə hər kəs Gülzarın gəlin getdiyinə sevinirdi. Hamı da gəlmiş və öz qızlarının toyu kimi bu toyda iştirak edirlərdi. Lakin hər kəsdən artıq Aslan sevinirdi. Bu yoxsul, kimsəyə toxunmaz, bir kəsə pislik etməz, söysələr də danışmaz, hər kəsə ehtiram edər, bir sözlə, “Allahın” dilsiz-ağızsız bəndəsi idi. Bunu çox vaxt Aslanın qorxaqlığına çıxırlardısa da, bununla bərabər kənddə kimsə ona dolaşmaz, pislik etməzdi. Dünya malından bir uzunqulağı, bir də çətinliklə yığdığı pullardan Gülzar üçün aldığı iki keçidən başqa heç bir şeyi yox idi. Uzunqulağı ilə odun daşıyır, kömür hazırlayır, biçinə gedir və beləliklə, öz bacısını və kor anasını saxlayırdı. Yaşının çoxluğuna baxmayaraq, hələ evlənməmişdi. Zatən, yoxsul olduğundan, ona qız verən yox idi. Lakin bacısını artıq varlı bir adama verdiyi və o gedəndən sonra bir qədər xərci azaldığı üçün, yeznəsinin köməyi ilə evlənə biləcəyini ümid edirdi. Lakin hər şeydən artıq onu sevindirən – Gülzarın təmiz bir ad saxlaması idi. Hər kəs Gülzarı təriflərkən, Aslan da bacısının belə adı ilə lovğalanardı. Hər halda bu gecə Aslan sevincindən nə edəcəyini bilmir, hər tərəfə çırpınır: “Buyurun, Allah ömür versin, oğlunuz üçün olsun, Allah atana rəhmət eləsin!” və s. sözlərlə gələn qonaqları qarşılayır, ona bu qədər hörmət edib, sevincində iştirak edənləri sevir, hətta kənddəki ən möhtərəm şəxslərin belə gəldiyini görüncə, sevincindən gözləri yaşarır, hətta bəzən onların ayaqlarına düşüb, öpmək istəyirdi. Bu məhəbbətlərin, bu ehtiramların, bu ümumi iştirakın hamısı Gülzara, hər şeydən əvvəl Gülzarın paklığına, məsumluğuna, namuslu və ismətli olmasına aid olduğunu Aslan bilir və: “Bacımın cehizi yoxsa da, su kimi duru, pak bir adı vardır”, – deyirdi. Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. Ox, o fəlakətli gecə olmasaydı!.. Nişanlandığı gündən üç gün əvvəl idi. Gülzar günorta vaxtı evdən bir çörək götürüb, meşədə odun qıran qardaşı üçün apardı. Geri qayıdarkən, hava çox tutqun idi. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. Gülzar yağışdan gözlərini açmayıb, tələsik qaçırdı. Zavallı bu tələsmə nəticəsi olaraq, xəbəri olmadan yolu da itirmişdi. Yenidən bu yolu tapmaq üçün çox uzun çalışmış, amma havanın büsbütün qaralması bütün ümidlərini yox etmişdi. Gülzar da nə edəcəyini bilmirdi, nə də gözü görürdü. Qaranlıqda qurdlara, çaqqallara rast gəlməsin deyə, qorxudan bir ağacın dibinə sıxıldı. Göy bütün dəhşəti ilə guruldayır, ildırımlar odlu oxlar kimi sağa-sola qaçışır, yağış vedrədən tökən kimi tökülürdü. Bütün kainat bir ildırım oynağına, bir od dənizinə dönmüşdü. Gülzar qorxurdu. Bu aralıq yaxından “Alabaş, Alabaş!” – deyə çağıran bir səs eşidildi. Gülzar bu insan səsindən bir qədər cürətləndi və “Meşədəki, kimsən?” – deyə çığırdı. Çox keçmədən qarşısında ağ kürkə bürünmüş bir kişi gördü. – Kimsən? – Əmi, azmışam. – Gəl, gəl! Burada durmaq qorxuludur, ildırım hündür ağacları vurar. Gəl! – deyə yola düşdü. Gülzar onu təqib edirdi. Bir köhülə (mağaraya) təsadüf etdilər. Məchul kişi içəri girdi. Gülzar da heç bir şey düşünmədən içəri girdi. Beş dəqiqədən sonra köhül, məchul kişinin topladığı çör-çöplə yandırdığı ocaqdan işıqlanmışdı. Tüstü Gülzarın gözlərini acıdır, amma belə tüstüyə alışan olduğundan fərqinə varmır, köhülün bir bucağına sıxılıb otururdu. Artıq bayırda göz-gözü görmürdü. Köhüldə məchul kişi ocağın yanındakı bir daş üzərində oturub, paltarlarını qurudurdu. Heç birisi dinmirdi. Bu aralıq Gülzar sərt, bir qədər boğuq bir səs eşitdi: – Kimlərdənsən, gəlin? Bu səs öz-özlüyündə Gülzarı diksindirdi. Lakin yenə fərqinə varmayıb: – Yetim Aslanın bacısıyam, – deyə kişinin üzünə baxdı. Kişi odlu baxışlarını onun üzünə sancıb baxırdı. – Ərdəmisən? Gülzar susub bir söz demədi. Eyni zamanda onu məchul bir qorxu bürüdü. Bu baxışlar altında həyatında ilk dəfə olaraq özünün gözəl bir qız olduğunu xatırladı və burada yad bir kişi ilə olduğunu düşününcə, qorxudan titrədi və ömründə ilk dəfə olaraq özünü kişilərdən gizlətmək, örtünmək üçün ətrafına baxındı. Yaylığını meşədə itirmişdi. Bir şey tapmayınca, dağınıq saçları ilə döşlərini örtdü. Amma zavallı bununla daha gözəl və daha cazibədar bir görkəm aldığını heç də düşünmürdü. – Dur gəl, ocaq başında paltarını qurut, yazıqsan, yerdə soyuq vurar, naxoşlarsan, – deyə məchul kişinin sərt səsi yenə cingildədi. Gülzar qımıldanmadı. Getdikcə qorxu onu bürüyür, bütün varlığı əsirdi. Bu aralıq Gülzar köhüldən çıxıb qaçmaq istəyirdi. Lakin qaçılası bir yer yox idi. Artıq gecə qara qanadlarını kainat üzərinə sərmiş, bütün varlıq bir məzar qaranlığına bürünmüşdü. Yenidən boğuq bir səs eşidildi: – Ərin kimdir? Zavallı qızcığaz bir söz demir, hətta nəfəs çəkməkdən belə qorxurdu. – Daha o uzaqda oturduğun nə üçündür. Səni yeməyəcəklər ki... Al, kürkümə bürün və paltarını qurut. Gülzar artıq büsbütün özünü itirmiş, kiçicik ürəyi bir gurultu ilə döyünürdü... Gecə getdikcə dərinləşir, sükut getdikcə artır, həyat getdikcə susurdu. Bu aralıq məchul kişi birdən yerindən qalxdı. Ağır addımlarla Gülzara yanaşıb, sərt və dəmir kimi ağır əli ilə Gülzarın biləyini yaxaladı. Zavallı qızcığaz, bütün mümaniətlərinə baxmayaraq, bir saniyədən sonra ocağın qırağında oturmuşdu... Heç birisi danışmırdı... Ocaq getdikcə qaralır, köhül getdikcə bir qaranlığa dalırdı. Gülzar ocağın bir tərəfində bucağa sıxılmışdı. Məchul kişi o biri tərəfdə uzanmışdı. Beləliklə, çox keçdi... Gülzar, üzünə isti bir nəfəs toxunduğunu hiss edib, gözlərini açdı: qaranlıq bir heyət qarşısını daldalamış, eyni zamanda iki qol dəmir halqa kimi biləyini sarmış, sıxırdı. Gülzar qışqırıb, bütün şiddətilə çırpınmağa başladı. Amma belini sarmış qollar sarsılmaz və güclü idi. Gülzar çırpınır, eyni zamanda uşaq ağlına gələn sözləri söyləyib yalvarırdı: – Səni and verirəm Allaha, səni and verirəm Həzrət Abbasa, mənə toxunma! Mən yetiməm, kimsəsizəm. Məni öldürərlər. Səni and verirəm o gözə görünməyən Allaha, mənə toxunma, mənə toxunma, mənə yazığın gəlsin, – deyə bu sarsılmaz qollar arasından özünü çıxarmağa çalışırdı. Məchul kişi isə mırıldanır, mırıldanırdı... Artıq Gülzarın xırdaca əlləri yorulmuş, məchul kişinin dəmir pəncəsində sıxılır, ayaqları isə kişinin dizləri altına alınmış, tərpənməsinə belə imkan qalmamışdı... Zavallı qızcığaz özünün gücsüzlüyünü görüb bağırır, yalvarır, ağlayır, bütün imamları, peyğəmbərləri bir-bir sayır, eyni zamanda sözlərinin təsirini gözləmədən, balıq kimi çapalayır, çırpınırdı. Lakin bunların hamısı faydasız idi. Yazıq artıq yorulmuş, qolları sustalmışdı. Hər halda yarım saatdan çox çalışmışdı. Nəhayət, zavallı büsbütün yorulub, ölü kimi düşdü. O bütün uşaq qüvvəti ilə bacardığı qədər çalışdı, çapaladı, yalvardı, yaxardı, ağladı, bağırdı, çığırdı, ilan kimi qabıqdan çıxdı, amma çarə olmadı. Axırda yarımbayğın bir halda düşüb, istər-istəməz sükuta məcbur oldu... Gecə ölgün bir sükuta dalmışdı. Bayırda ruzigar yetim bir uşaq fəryadı ilə inləyərkən, Gülzar bir bucağa sıxılmış, səbəbini özü də bilmədən ağlayır, ağlayır, ağlayırdı. Çünki başqa bir çarəsi yox idi. Artıq hava işıqlanmış, gözəl bir payız səhəri açılmışdı. Meşənin bütün yarpaqları yağışdan yuyunmuş, günəşin şüalarından parıldayırdı. Bu gözəlliklər arasında Gülzar, ətrafına belə baxmadan, ölgün, solğunbir halda evə qayıdırdı. Üç gün sonra: “Getmirəm”, – deyə ağladığına baxmayaraq, onu nişanladılar. Bu gündən etibarən artıq Gülzarın bütün keçmiş şuxluğu, təravəti itmiş, evdən bir yana çıxmır, keçmişdə qardaş kimi gördüyü kişilərdən artıq yaşınır, kimsənin üzünə baxmır, daha doğrusu baxmağa qorxur, utanırdı. Al yanaqları payız yarpaqları kimi getdikcə solur, çöhrəsi saralır, gözləri çuxura enir, bütün varlığı sarsılıb məhv olurdu. Vaxtilə hər kəs, xüsusilə Aslan bu haldan maraqlanıb, səbəbini soruşmuşdusa da, axırda Gülzarın xəstə olduğunu düşünüb, qəti bir cavabdan vaz keçmişdi. Lakin Gülzar getdikcə solurdu. Bu aralıq Gülzar məsciddən bir Quran götürüb ona tapınmış, ona pənah gətirmişdi. “Gəlin gedərkən nə olacaq? O müdhiş gecədə nə cavab verəcək? Ona inanacaqmıdır?” Bu düşüncələrlə zavallı qaranlıq daxmalarının bir bucağına sıxılıb, saatlarca orada qalırdı. “O gecə nə deyəcək, nələr eşidəcək, nələr olacaqdı?” O bu xüsusda çox şeylər eşitmiş və qorxmuşdu. Keçən il qonşularının qızını əri doğramışdı. Zavallı bunları düşünür, bağrı adətən partlayır, otura bilmir, hövlnak qalxır, sanki bir çarə tapacaqmış kimi, mənasızcasına ətrafa baxınır, nəhayət, yenə daxmanın bir bucağına yıxılıb, ağlamağa başlayırdı. Ağlayır, ağlayır, nəhayət, özünə təsəlli verərək: “Yox, mən ona yalvararam, mən bu Quranı şahid gətirərəm ki, məndə günah yoxdur. O inanar. Bu Quran, bu Quran sahibi məni himayə edər”, – deyə bir qədər təsəlli tapırdı. Lakin bir saniyə keçmədən yeni bir şey xatırlayırdı: “O mənim andlarıma inanmazsa?” – deyə yenidən pozulur, müdhiş bir iztirab onu bürüyür, yenidən Quranını bağrına basıb, köhnə qabığını göz yaşları ilə isladırdı. Beləliklə, uzun qış gecələri o müdhiş gecənin fəlakətlərini, dəhşətlərini düşünərək, bir iztirab içində altı ay gözləyib durmuşdu... Bu gecə də hər kəs onun səadətinə sevinirkən, o bütün varlığını itirmiş; göz yaşlarında boğulub getmişdi. – Hə, nə oldunuz? Qurtarmadınızmı? Xalq gözləyir axı, – deyə bayırdan Aslanın səsi eşidildi. Gülzar diksinib, ürəyi döyünməyə başladı. – Biz hazırıq. Qızım, daha dur, – deyə yengə cavab verdi. Gülzar yerindən tərpənmirdi. – Qoyun bir balamın üzünü öpüm, – deyə Gülzarın kor anası arvadların içində səslənib, irəli yeriməyə başladı. – Aydan arı, sudan duru balam... Ya Həzrət Abbas, balamı sənə zamin verirəm, – deyə Gülzarı qucaqladı. Gülzar özünü bilmirdi. Bəyin qardaşı gəlinin belini bağlayır, arvadlar, kimi çalır, o yan-bu yana qaçır, “Allah, Allah” deyir, xəlfə dua oxuyurdu, – bir kəlmə, bütün dünya bir-birinə çaxnaşmışdı. – Qoyun məni axırıncı dəfə bacımın üzündən öpüm, o mənim evimin sütunu olmuşdur, – deyə Aslanın səsi eşidildi. – Əlbəttə, əlbəttə, bacındır, qızındır, çörəyini yemişdir, sən ona atalıq eləmişsən, – deyə yengə kimsəyə möhlət vermədən cavab verirdi. – Əlbəttə, çəkilin, arvadlar, qoyun yazıq öz bacısı ilə görüşsün, – deyə arvadlar bir-birinə söyləyir, eyni zamanda yenə gəlinin başına toplanıb, yolu daha da kəsirlərdi. Aslan bilirdi ki, ona kimsə bir söz deməyəcəkdir, çünki bu gecə onun sözü ilə hər kəs hesablaşır, hörməti hər kəsdən çoxdur. Elə ixtiyar istəməsi də bir növ lovğalanmaq üçün idi. Artıq Gülzarı, başında al duvaq, qapıdan çıxarırlardı. Aslan qolunu bacısının boynuna salıb: – Gəl, bacım, səni öpüm. Sən mənim evimin sütunu olmuşsan, sən mənim üzümü xalq içində ağartmışsan, adına güldən ağır bir söz deyilməmişdir. Bu hələ mənə bəsdir. Mən səndən çox razıyam, get, Allah səni xoşbəxt eləsin, – dedi. Bu sözlərdən zavallı Gülzarın ciyərləri parçalanır, amma artıq bir şey düşünmür, bir şey hiss etmir, köhnə qabıqlı Quranı bağrına basıb, başqalarının zövqü ilə yeriyirdi. Otaq tam bir bayram şəkli almışdı: elə bil bəzəkli gəlin evi idi. Lakin Gülzar heç bir şey düşünmür, ancaq başqalarının “Allah, Allah” sözü arasında öz Allahını unutmamaq üçün tez-tez “Ya Allah, ya Allah”, – deyə təkrar edirdi. Onu oturtdular. Arvadlar, baldızları, hətta qayınanası belə qabağında oynadılar, qayınanası üzündən öpdü. Lakin Gülzar bunların heç birini istəmirdi, bu iltifatlardan ürəyi sıxılırdı. Beş dəqiqədən sonra bu adamlar heç birisi onu görmək istəməyəcək, üzünə belə baxmayacaqlar. Kim bilir, bəlkə bir daha o onların heç birisini görməyəcəkdir... Arvadlar çaldılar, çağırdılar, oynadılar, çıxdılar. Gülzar tək qalınca, artıq özünü bilmir, yarımbayğın bir halda bir-biri üzərinə salınmış döşəklərin, gəlin taxtı üstündə oturmuş, ərinin gəlməsini gözləyirdi. Özü ilə götürdüyü Quranı bütün qüvvəti ilə iki döşü arasına sıxıb: – “Ey Quran, ey Quran sahibi, sən mənə kömək ol!” – deyə təkrar edirdi. Zavallının ürəyi döyünür, ciyərləri parçalanır, bütün varlığı məhv olurdu. Altı aydan bəri çəkdiyi iztirabların, əzab və göz yaşlarının bu gecə artıq sonu idi. Bu gecə ya həmişəlik xoşbəxt olacaq, ya da həmişəlik qara torpaqlara gömülüb gedəcəkdi. Ox, nə qədər müdhiş bir gecə!.. O bu gecəni çoxdan bəri təsəvvür etmişdi. Amma belə fəlakətli bir gecənin, doğrudan da, olacağına inanmırdı. Bir aralıq: “Mən burada qalmıram” – deyə durub evlərinə qaçmaq istəyirdi. Lakin istəyirdi... Çox şeylər istəyirdi... eyni zamanda heç bir şey istəmir, yalnız özünü gizlətmək üçün bir yer, torpaq, bir məzar istəyirdi. Nəhayət, qapı açıldı, bəy girdi. Gülzarın ürəyi çırpındı. Qapının səsindən sanki qulaqlarında göy guruldayırdı. O, qısaboylu, dik papaqlı, sərt üzlü, sərt baxışlı, azacıq çopur bir oğlan idi. Eyni zamanda simasına baxınca, onda xüsusi bir mülayimlik, bir nəvazişkarlıq görmək olurdu. Amma Gülzar üçün bu dəqiqədə ərinin necə olmasının heç bir fərqi yox idi. O bu saat ərinin bir meymun, bir qurd, bir canavar olmasına, lakin onu bağışlamasına, ona inanmasına şükr edərdi. Mənsur özünü itirdi. O gözləyirdi ki, qız duracaq, onun ayağını tapdalamağa çalışacaqdır. O da evdə gələcəkdə hakimiyyət qazanmaq üçün bunu ilk əvvəl özü etməyə hazırlanmışdı. Amma Gülzar yerindən tərpənmədi. Bundan başqa, yengənin dediyinə görə, daha bir çox səmimiyyətlər olmalı idi. Heç biri olmadı. Nəhayət, özünü toplayıb namaz yadına düşdü. Namaz qılmağa başladı. Bitirdi. Gülzar yerindən tərpənmədi. Mənsur taxtın üstündə oturdu. Nə edəcəyini bilmirdi. Heç biri danışmırdı. Gülzara yengə, gəlirkən bir çox şeylər tapşırmışdı. Lakin heç biri yadında qalmamış, daha doğrusu, heç birini eşitməmişdi. Bu sükut uzun bir zaman davam etdi. Nəhayət, Mənsur sükutu pozdu: – Gülzar, artıq üzünü aç, öz evindir, – deyə mütərəddid və utancaq hərəkəti ilə örpəyi Gülzarın üzündən götürdü. Zavallı qızcığaz həyəcan və iztirabdan ürəyi partlayır, bihuş olmaq dərəcəsinə gəlirdi. Qulaqlarında anlaşılmaz bir şey guruldayır, bütün gördüyü şeylər gözünün qarşısında oynayır, hərəkət edirdi. Gülzar özünü gizlətmək üçün bir yer axtarırdı, amma yox idi. Mənsur sözə başlamış və nə söyləyəcəyini bilməyib, ancaq söhbəti kəsməmək üçün, ağlına gələni danışırdı: – Mən bilirəm, qardaşının evində sən çox incimişsən, amma artıq bundan sonra, inşallah, hər ikimiz gözəl güzəran sürərik. Mənsur danışmağa söz tapmır, eyni zamanda Gülzar bir söz deməyincə, sözünü kəsmək istəmirdi. Yoxsa yenə bir sükut araya düşəcək və yenidən sükutu pozmaq üçün söz tapmayacaqdı. Burada Gülzar artıq özünü bilmədən, nə olursa olsun, bir an əvvəl sözünü demək, ürəyini açmaq və bütün varlığını didən bu müdhiş iztirabdan yaxasını qurtarmaq üçün aylarla əzbərlədiyi sözlərin hamısını unudaraq, yarımbayğın bir halda sözə başladı: – Ox, Mənsur, sən bu qədər gözəl, bu qədər gözəl, bu qədər zənginsən... Fəqət mən... sənə layiq deyiləm... mən... Burada ağlamaq boğazını boğdu. Göz yaşlarında boğulub, nəfəs belə çəkmirdi. Lakin Mənsur onun dediklərini bir o qədər də anlamadan, nəhayət, Gülzarın danışdığına və özünün danışmaq üçün mövzu tapdığına sevinib, əlini mütərəddid hərəkətlərlə onun boynuna salaraq, dedi: – Artıq ağlama, Gülzar! Mən bilirəm sən nəyi düşünürsən. Burada Gülzar birdən-birə diksindi. “Nəyi bilir görəsən?” O müdhiş gecənimi bilir?” Bir an içində bədənini titrətmə tutdu. “O haradan bilir? Lakin bilirsə və bu qədər mülayimsə...” Bu aralıq zavallı qızcığazın başından bulanıq bir fikir fırlandı, bəlkə də o məchul kişi bu özüdür? Biixtiyar başını qaldırıb, Mənsurun üzünə baxdı. Ancaq heç bir şey görmür, heç bir şey xatırlamırdı. Eyni zamanda Mənsur sözünə davam edirdi: – Amma elə şeylər üçün düşünməyə dəyməz. Mən bilirəm, qızlar istərlər ki, onların cehizləri olsun, bilməm nələri olsun, ərlərindən utanmasınlar. Mənim üçün elə şeylərin əhəmiyyəti yoxdur. Allaha şükür, bir parça çörəyimiz var, ac qalmarıq... Özümüzdən başqa iyirmi nəfəri də lap əlli il saxlaya bilərik. Atam mənim üçün kəndxuda Həsənin qızını almaq istəyirdi. “Belə cehizləri var, camışları var, xalça-palazları var”, – deyirdi. Lakin nə eləyim o dövləti, mənə sənin gözəlliyin, hələ təkcə təmiz adın hər şeydən bahadır. Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək, kimsə ardımca pıçıldamayacaqdır. Mənə sənin təmiz adın, paklığın və saflığın hər şeydən qiymətlidir. Bu mənim üçün dünyalara dəyər. Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inlədi: – Mənsur mən səndə qalmaq istəmirəm. Yalvarıram sənə, məni dörd-beş gün saxlayıb, sonra burax. Mən gedib dilənçilik edərəm... – Axı nə üçün? Sənə nə olmuşdur? Gülzar özünü bilmədən, dediklərini belə eşitmədən Mənsurun ayaqlarına düşüb: – Ox, Mənsur mən sənin yanına üzüqara gəlmişəm, – dedi. Sanki Gülzarın üzərində qocaman bir dağ varmış kimi, bir sözlə birdən uçulub, onu yüngülləşdirdi. Lakin qulaqlarında bu qocaman dağın anlaşılmaz gurultuları taqqıldayırdı. burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Əlini Gülzarın boynundan çəkdi. Biixtiyar divara baxındı. Divarda bir tüfəng, iki xəncər asılmışdı. Üzündən zəhərli bir gülüş fırladı. Gülzar isə göz yaşlarında boğularaq, sözünə davam edirdi: – Amma mən müqəssir deyiləm, Mənsur! And olsun bu Qurana, and olsun o gözə görünməyən pərvərdigara ki, mən müqəssir deyiləm... – Sən müqəssir deyilsən... Hm... bəs nə oldu? Damdan yıxıldın, hə? Nərdivandan yıxıldın, hə? Gülzar artıq sözünü demiş, sonu nə olacağını bir o qədər də düşünmürdü. Mənsur bu saat xəncəri qapıb onu doğrayacaqmı? Bağışlayacaqmı? Nə edəcəksə, hər halda bilmirdi. Lakin bir çox şeylər, biixtiyar fikrindən çırpınıb keçir və heç birisinə baxmadan bir an əvvəl sözlərini söyləmək istəyirdi: – Yox! Yox! Mən heç bir yerdən yıxılmamışam. Mənə başlı-ayaqlı bir insan toxunmuş, məni zorlamışdır. – Kim? Kim? Onu söylə! – deyə Mənsur müdhiş bir əsəbiyyətlə bağırdı. – Bilmirəm... Bir an üçün hər ikisi susdu. – Istəsən, işin hamısını sənə söyləyə bilərəm. Nə edəcəksən, et. Yalnız sözlərimə inan, məni öldür. Ancaq bil ki, mən müqəssir deyiləm. Mənsur susurdu. Burada sonsuz bir dəhşətlə o fəlakətli gecəni bir neçə qırıqsökük cümlədə nağıl etdi. Sözləri irtibatsız və nizamsız olduğu üçün bəlkə məntiqsiz yerləri də var idi. Lakin söylənən sözlərdə elə bir səmimiyyət çırpınır, elə bir paklıq hiss edilirdi ki, istər-istəməz insanın inanması gəlirdi. Hər halda Mənsur inanmışdı. Çox uzun düşüncədən sonra: – Axı bunların hamısı doğru isə, nə üçün o zaman anana, qardaşına söyləmədin? – deyə soruşdu. Mənsurun səsi sanki bir qədər yumşaldı. – Onlar nə edə bilərdilər? Qardaşımı sən ki bilirsən. Anama da artıq dərd verməkdən nə çıxardı? Indi mən olduğunu söylədim, mənə hər nə edəcəksən, et, qanımı sənə halal edirəm. Ancaq inan ki, mən günahkar deyiləm. And olsun yeri, göyü yaradan Allaha! Mənsur, and olsun bu altı aydan bəri mənim yeganə təsəllim olan bu Qurana ki, mən təqsirkar deyiləm. Gülzarın sözlərində çırpınan məyusluq, göz yaşlarındakı səmimiyyət bir iynə kimi Mənsurun fikrinə, zehninə, ruhuna, bütün varlığına sancıldı. Hətta “Yazıq nə etsin? Bu Allahın qəziyyəsidir, onun ki, burada taqsırı yoxdur. Gücsüz, köməksiz bir qız nə edə bilərdi? Nə üçün bir nəfər onun adına söz demir?” – kimi bəzi doğrultmalar da fikrindən keçir və eyni zamanda çox dərin düşüncələrə dalmış dururdu. Gülzar kiçicik əllərini irəli uzatmış, bir həyəcan içində nəticəni gözləyirdi. Ox, indi Mənsurun bir sözü onu nə qədər xoşbəxt edə bilər və ya əbədi bir yoxluğa yuvarlada bilərdi! Gülzarın bu dəqiqədə bütün taleyi, həyatı, səadəti ondan, onun bir kəlmə sözündən asılı idi. Sevinc və müdhiş fikirlər bir elektrik sürəti ilə bir-birini təqib edərək, zehnindən fırlayıb gedirdi. Hər halda Gülzar onun bütün iztirablarına şahid olan bu Quranın onu tək buraxmayacağına, kömək və himayə edəcəyinə, zəif bir inamla da olsa, inanırdı. Bu ümidin nəticəsi olaraq, Gülzarın başında xoşbəxt və sürəkli bir ümid parladı: “Indi Mənsur qollarını açacaq, – eybi yox, mən səni bağışlayıram, çünki inanıram ki, səndə taqsır yoxdur, – deyəcək və onu qucaqlayacaqdır”. Hətta bunu Mənsurun gözlərindən də oxumaq olurdu. Ancaq Gülzar bu halında bunun fərqinə varmırdı; həm də bu dəqiqədə belə şeylərlə sevinmənin vaxtı deyildi. Burada artıq xəyal, xülya deyil, ümid, arzu deyil, bir həqiqət olaraq ölüm-dirim məsələsi həll edilirdi ki, o da Mənsurun verəcəyi cavabdan, edəcəyi hərəkətdən asılı idi. Mənsur düşünürdü. Sanki bu sözlərin doğruluğunu Gülzarın üzündə oxumaq istəyirmiş kimi, bıçaq kimi iti baxışlarını onun üzünə dikdi: önündə iki uçqun, süzgün göz gördü ki, məsum baxışlarında odlu bir fəryad inləyir, tam dərinliklərində bir doğruluq, bir səmimiyyət, bir paklıq, bir günahsızlıq gülümsəyirdi. Gülzarın iki damcı göz yaşı yuvarlanmış, solğun yanaqlarında durmuşdu; indi dodaqları hənuz əsəbi bir həyəcanla titrəyir və bütün bu həyəcanlarla, bütün bu solğunluqlarla Mənsur qarşısında pak və olduqca gözəl bir qız görürdü. Bu sevimli qızın məsum ruhuna toxunmaq, qəlbini qırmaq, incitmək, heç də insafdan deyildi. O, təbiətin azad qoynunda bəslənmiş bir çiçək idi ki, ruzigarın xəfif bir ağırlığından solacaq, töküləcək, məhv olub gedəcəkdi... Halbuki o, ən tutqun bir həyatı süslədə bilər, həyatın ən dərin qaranlıqlarını bir səadət şəfəqilə işıqlandıra bilərdi. Xüsusilə bu dəqiqədə Gülzar elə bir görünüş almışdı ki, ona kimsə acımaya bilməz. Eyni zamanda onun bu vəziyyəti ilə aldığı məhzun bir gözəlliyə qarşı kimsə pərəstiş etməyə bilməz, onu sevməyə bilməzdi. Bəli, Gülzar kim olursa olsun, indiki dəqiqəsində gözəl, sevimli, ən pak bir qızcığaz idi. Mənsur bunları hiss edirdi, kim bilir, daha nə kimi doğrultmalar düşünmüşdü. Hər halda bir məsum qızı, bir an əvvəl sevindirmək üçün böyük bir zövq, bir məmnuniyyət və vüqarla “Çox yaxşı, inanıram, ağlama”, – deyə bir kəlmə söyləmək, onu qucaqlamaq, ovundurmaq, sonra uzun-uzadı düşünüb, gələcək üçün bir çox şərtlər qoymaq istəyirdi. Lakin tam bu sırada qapı döyüldü. Arxasından: – Tez olsanız! Daha bu nə oldu? Bitirmədinizmi? Xalq nigarandır axı! – deyə sözlər eşidildi. Danışan yengə idi. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Çox dərin bir yuxuda imiş kimi diksindi. Bütün düşüncələri alt-üst oldu, sanki yeni bir şeylər xatırladı: “Adətən, qızlar belə deyir, and içirlər”. O, çox eşitmişdi. O, başqalarına çox gülmüş, istehza etmişdi. “Bəlkə də o adam həmin kəndlilərdən biridir?.. Bəlkə də Gülzar yalan deyir?.. Bəlkə də tanıyır, demək istəmir?.. Bəlkə də bir neçə nəfərdirlər?.. Yəqin kənd içinə çıxarkən, ona baxıb gizlincə güləcəklər. Indi yengəyə nə söyləyəcəkdir?” Burasını heç düşünməmişdi. “Bəli, bu qız o qədər hiyləgərmiş ki, hər işi görmüş, eyni zamanda özünü pak qələmə vermişdir”. Bir dəqiqə də bilməm nə qədər taqsır onun fikrindən keçdi; nədənsə bir az əvvəl bunların heç birisi fikrinə gəlmirdi. Gülzar ağlamaqdan danışmırdı. Son dəqiqə Mənsurun tərəddüdünü görüncə, ayaqlarına sərilib: – Mənsur məni bədbəxt etmə! And olsun bu Qurana ki, məndə günah yoxdur, – dedi. Mənsur, bəlkə də, qapı döyülüşünün təsiri altında: – Artıq qurban olasan əlindəki Qurana, mən sənə dəymərəm, – dedi. Gülzar sakit bir nəfəs çəkdi. Bir saniyədə kim bilir nə qədər böyük bir səadət yaşadı. Ikinci söz olmasaydı, sevincindən Mənsurun ayaqlarını, əllərini, üzünü öpəcək, ağlayacaq, kim bilir, daha nələr eləyəcəkdi. Doğrusunu bilmək istəsəniz, – heç bir şey etməyəcək, sevincindən, sadəcə bayılacaqdı. Lakin Mənsur sözünə davam edirdi: – Mən sənə toxunmadım. Ancaq hansı yol ilə gəlmişsən, həmin o yol ilə də atanın evinə qayıt. Üzüqara, bir qız mənə gərək deyil. Gülzarın ürəyi çırpındı, gözləri qaraldı, uzun zaman bir şey görmədi, bir şey eşitmədi. Bir gurultu qulaqlarını doldurmuş kimi çiyninə toxunurdu. Nəhayət, ağır və tənbəl hərəkətlərlə tərpənib başını qaldırdı, məhzun bir ölgünlüklə gözlərini yarımçıq açdı. Mənsur qapını açıb, onun çıxmasını gözləyirdi. Gülzar məyus bir halda qalxdı. Artıq ağlamırdı, qapı açıq olduğundan ağlamağa, yalvarmağa imkan qalmamışdı. Qapıya yönəldi. Nədənsə, gözlərini qaldırıb, ətrafa baxdı: bütün divarlar, bütün görünən şeylər və anlaşılmaz bir hərəkətlə onunla bərabər yürüyür və onun tənbəl yürüşləri əksinə olaraq, bir makina çarxı dövrəsinə fırlanır, xəbis bir istehza ilə rəqs edirdi. Biixtiyar bir ah çəkdi. Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi. Əski qabıqlı Quranı götürmüş, aparmaq istəyirdi. Qapıdan çıxdı. Əvvəl yengə, sonra da qapı arxasında böyük bir maraq içində gözləyən qadınlar onun başına toplandılar. Hər tərəfdən sorğular yağdırıldı: – Hə, nə oldu? Nə üçün çıxdın? Nə istəyirsən? Bitdimi? Nə olmuşdur? Gülzar bir şey görmür, hətta kimsəyə baxmır, bir şey hiss etmir, bir söz söyləmirdi. Bütün varlığı ürəyinə yerləşmişdi. Bir sövqi-təbii ilə qadınların arasından keçib getmək istəyirdi. – Haraya gedirsən? Nə oldu? Nə üçün gedirsən? – deyə hərə bir tərəfdən maraqla soruşur, eyni halda onu dümsükləyir, sanki yuxuda imiş kimi, onu oyatmaq və cavab almaq istəyirdilər. Qadınlar bir-birinin üzünə baxırdılar, qaş-gözlər oynamağa başlamışdı. Yengə içəri soxuldu; oradan Mənsurun səsi eşidilirdi: – Mən papağımı atıb, ləçək bağlaya bilmərəm. Namussuz, üzüqara bir qız mənə gərək deyildir. Yolun üstü ilə gəlmiş, altı ilə də getsin... Gülzar dəli kimi duruxmuş, nə edəcəyini bilmirdi. Artıq beş dəqiqə bundan əvvəlki kimi ona yanaşmırlardı. Kimsə bir söz demir, bir yol göstərmirdi. Ancaq qadınlar bir-birilə pıçıldaşır, söyləşirlərdi. Məsələ bəlli idi. – Vallah, vallah, mənim qızım aydan arı, sudan durudur. Ay müsəlmanlar, bizə zülm eləməyin! – deyə Gülzarın yazıq anası ağlayırdı. Eyni zamanda Mənsurun anası bir az əvvəlki ehtiramkarlığı büsbütün atmış, sərt və acıqlı bağırtılarla: – Təmizdir! Təmizdir! Apar özünün olsun, – deyirdi. Qadınlar bir-birinə qatışmış: – Qəribədir! Təəccüblüdür! Bərəkallah, qız! Suyun lal axanı, adamın yerə baxanı! – deyə mırıldanırdı. Gülzar başı aşağı olaraq, bir yol tapıb getmək istəyirdi. Lakin tərpənə bilmirdi, haraya gedəcəyini özü də bilmirdi. Bu qədər səmimi ayrılıqdan sonra qardaşını necə görəcək, nə edəcək, nələr olacaqdı?.. Bu halda o, bir dama çıxmaq və yüksək bir səslə bütün camaat qarşısında bağırmaq, ağlamaq, bütün dünyanı haraya çağırmaq istəyirdi. Ona belə gəlirdi ki, bu saat bu haqsızlıqdan dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu istəyirdi. Lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrətlə ona baxıb gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın faciələrinə gülümsəyirdi. Zavallı qızcığaz son dəfə başını qaldırıb, ətrafına baxdı: bütün əvvəlki nəvazişlər, sevimli çöhrələrdə bir əqrəb gülüşü oynayır, hamısında gizli bir nifrət çırpınırdı. Heç kəs öz baxışlarını ondan qaçırmaq istəmirdi. Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. Birdən neçinsə əlindəki Quranı başına qaldırıb: – Ey Quran, əgər haqq isən, günahkar isəm, bu saat məni külə döndər. Ya haqqı aşkar elə, ya mənim namusum, həyatım, ismətim kimi, sən də ayaqlar altına düşüb, əbədilik məhv ol!.. – deyə Quranı yerə çırpıb, əsəbi bir həyəcanla tapdalamağa başladı. Ətraf sakit idi. Ruzigar xəfif-xəfif əsir, ağaclar səslənir, bayaqkı çırağban küçələri dərin və qorxunc bir qaranlığa bürümüşdü. Gülzara “Allah” da, “Quran” da kömək etməmişdi. Nəhayət, kor anasının əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı. Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi... Gülzar ağlayırdı... Ağlayırdı, çünki başqa bir çarəsi yox idi. * * * Dilarə Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı. Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir? Gün batar-batmaz idi. Palçıqlı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. Xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borcları bitir, hətta bir qədər artıq pulu da qalırdı. Kiçik qızı Dilara üçün yemişdən-zaddan almaq istəyirdi; paltarı da yox idi, amma hələ pulu çatmırdı. Küçədən, müəllimləri başda olmaq üzrə, təmiz geyimli, gülərüzlü kiçik-kiçik qızlar, uşaqlar böyük bir intizam və əzəmətlə haraya isə gedirlərdi. Bəşir durdu, baxdı: nə qədər də dinc, gözəl, təmiz, sevimlidirlər!.. Qızını xatırladı: “Zavallı ayaqyalın, köhnə, çirkli bir köynəklə gəzir. Bu cür geyinərsə, belə görünərmi? Dilara bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər... O da bu uşaqların arasında olsaydı, nə olardı? Bu fikirlər sıra ilə Bəşirin başından bulanıq bir kölgə kimi keçirdi. Birdən nə isə anlaşılmaz bir duyğu onu çulğadı, məchul bir qüvvətin təsiri altında nə etdiyini özü də bilməyərək, qaçıb ömründə xatırlamadığı bir cəsarətlə müəlliməyə yanaşdı. – Ay xanım... Dili dolaşdı, nə deyəcəyini bilmirdi. Müəllimə iri gözləri ilə Bəşirə baxdı. – Bağışla, xanım, səndən bir təvəqqem var... Mən özüm palçıqçıyam. Bir balaca qızım var. Onu soruşuram ki, onu neyləyim? Ona belə gəlirdi ki, müəllimə indi bu cəsarətlə ona yanaşdığı üçün acıqlanacaq, söyəcək, ya da bir acı söz deyəcəkdir. Müəllimə mülayim bir baxışla Bəşirin üzünə baxdı; bu qarışıq üzdə, cəsarəti üçün üzr istəyən bir günahkar gülüşü çırpınır, gözlərində mərhəmət uman bir taqsırkar izi inləyirdi. Bu zavallı görünüş mərhəmət hissi duydururdu. – Əmi, qızın neçə yaşındadır? “Əmi” sözü Bəşiri şaşırdı. Bu gözəl geyimli, böyük, nəcabətli qadından bu sözü eşitməyə sanki özünü layiq bilmirdi. – Səkkiz yaşında. – Əmi indi vaxtı keçmiş, lakin hər halda gətir, bir cür düzəldərik. – Haraya? Nə vaxt? Beləliklə sözləşdilər. Sabah Bəşir qızını müəllimin yanına aparacaqdı. Sonsuz bir məmnuniyyətlə: – Allah sənə ömür versin! Allah kölgənizi başımızdan əskiltməsin, – deyə baş əyib, sevinə-sevinə ayrıldı. Əvvəl bir qədər yeyinlədi. Sonra yavaşladı. Düşünürdü: “Nə mülayim adamdır!” Qızı da gözəl geyinəcək, oxumuş olacaq, qonşuları onu tərifləyəcəklər. Bəlkə bir zaman o da bu müəllimə kimi olacaqdır. Lakin qızı ayaqyalın necə aparsın? Arvada nə deyəcəkdir? Birdən dayandı. Özünü itirmişdi... Kömür meydanına doğru yönəldi, bir cüt köhnə çəkmə, bir köhnə libas da alıb evə qayıtdı. Dilara qışın soyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə onu qarşılayıb, ətəyindən yapışdı. – Ay ata, o nədir? O çəkmələr kimindir? – deyə tez-tez təəccüblə soruşurdu. Bəşir son vaxtlar evə heç bir paltar və bu kimi şeylər almırdı, xüsusilə çəkmə, çox təəccüblü idi. Evdə çəkmə geyən yox idi. Heç başmaq tapılmırkən, birdən-birə çəkmə... kimsənin ağlına yerləşmirdi. Dilaranın səsinə çıxan anası da şaşırmışdı. – Balam, bunlar nədir? Qudurmuşsan... – Arvad, heç danışma, işi dəyişdirmişəm. – Bunlar kimindir? – Almışam. – Doğrudan kimindir? – Vallah, almışam. Hələ bu harasıdır? Ay qız, yüyür bir əl-ayağını yu, gəl, bir gör bunlar necə olur? – Ay kişi nə əcəb? – Hələ sabah Dilaranı uçqola aparacağam. – Necə yəni uçqola aparacağam? – Vallah... deyirəm sənə işləri dəyişmişəm. Müəllimə ilə də danışmışam. Özü də bir yaxşı adamdır. Elə qaydalı... Dedi, götür gəl. Ay qız, yubanma, tez yuyun, gəl! – deyə içəri girdi. Dilara ömründə görmədiyi bu əcaib ayaqqabıları və paltarı geymiş, sevincindən sanki qanadlanmış, uçurdu. O çoxdan bəri həsrətlə uşaqların ayaqlarına baxır və bir gün onun da çəkməsi ola biləcəyini heç təsəvvür belə etmirdi. – Ay qız, belə fırlan görək necə dayanır... Ay zalım, qiyamətsən ki... Dur, bağlarını keçirim. Bəşir pullarını artıq borclara çatışmayacağını da unudub, ömründə duymadığı böyük bir həvəs və sevinclə, ciddi surətdə çalışıb, qızını bəzəndirdi. Çəkmələr köhnə də olsa, Dilaranın ayaqlarında yaraşıqlı görünürdü. – Ay zalım, lap xozeyin qızlarına oxşayırsan... Cəhənnəmə olsun dünya. Arvad, o tabağı bəri ver. Qız, bir dur oyna... Tabaq taqqıldayır, Dilara atasının üzünü öpüb, böyük bir sevinclə oynayırdı. Səhər hava tutqun idi. Gecə yağış bütün küçələri dizədək palçıq etmişdi. Bu, Bəşirin heç də döşünə düşmürdü. Çünki yaşadığı Böyük Salyan küçəsində küçələr döşənməmişdi, bir az yağış yağan kimi palçıq dizə qalxır, keçmək də mümkün olmurdu. Xüsusilə bu gün Dilaranın çəkmələri batacaqdı... Bu heç arzu edilən bir şey deyildi. Nə isə, Bəşir müəlliməyə söz vermişdi. Dünya dağılsa da, Dilaranı aparacaqdı. Böyük bir zəhmətlə Dilaranı öz əli ilə geyindirdi. Çıxdılar, Evdən beş-altı addım ayrılmışlardı. Dar küçə elə palçıq idi ki, keçmək mümkün deyildi. Bəşir tez-tez Dilaranın çəkmələrinə baxır, kiçik bir palçıq ləkəsi qanını qaraldırdı. Bir qədər keçincə, 4-cü Təzəpir dalanında yol büsbütün kəsilməz oldu. Bəşir çarəsiz qalıb, Dilaranı qucağına aldı, 2-3 addım getməmişlərdi ki, zavallı Bəşirin ayaqqabısı palçığa batdı. Ayağını çıxarmaq istərkən, birdən büdrəyib üzü üstə yerə çırpıldı. Artıq uşaq da palçığa bulaşmış, özü də dizindəki ağrının şiddətindən tərpənməz bir hala gəlmişdi. Böyük bir şüşə ayağına batmış, qan axmağa başlamışdı. Ölə-ölə evə qayıtdılar. Bəşirin dizindən axan qan dayanmırdı. Qonşular toplaşdılar, yaranın üstünə təndir külü tökdülər, hörümçək toru qoydular, elə bir sancı qalxdı ki, dayanmaq mümkün deyildi. Bəşirin iniltisinə qonşudakı işçilər toplandılar. Hərə bir yol göstərdi. Lakin çarə olmadı. Nəhayət, mütləq, doktor çağırılması lazım olduğunu dedilər. Bu da mümkün deyildi. – Canım, bu qaranlıq küçələrdən həkim nə cür gələcək? Gərəkməz ki, bir faytona minsin. Fayton da indi bir ətək pul istəyir, – deyə qazantəmizləyən Əhməd donquldandı. Beləliklə, çox danışdılar. Amma nə Bəşirin ayaq ağrısı durdu, nə də həkim gətirmək mümkün oldu. Xəstəni bir inilti, bir qızdırma içində buraxıb dağılışdılar. Zavallı Bəşir beş-altı gün belə gecələri göz yummadan çırpındı. Həkim gətirmək mümkün deyildi. Nəhayət, qazantəmizləyən Əhməd onu arxasına alıb, həkimə apardı. Doktorlar baxdılar. – Gec gəlmişdir. Sümüyü qırılmış, həm də ayağında qan kirlənmişdir. Əvvəldən gəlsəydi, sağala bilərdi. Amma indi xəstəxanada yatmalıdır, – dedilər. Iyirmi gündən sonra zavallı Bəşiri evə gətirib, kirli yorğan-döşəyə saldılar. Ayağı artıq bir o qədər ağrımırdı, çünki dizdən yuxarı qılçasını kəsmişdilər. Günəşin vərəmli tellərinə qarşı zavallı Bəşir ac uşağının, göz yaşlarına boğulmuş qadınının üzünə dinməz-söyləməz baxırdı. “Ox... bundan sonra bu zavallıların günü nə olacaqdır?” Bəşir utancaq gözlərini bir tərəfə qaçırtdı. Bu aralıq baxışları taxçada qoşa qoyulmuş çəkmələrə ilişdi. Birdən-birə nə isə xatırlayaraq, özünü saxlamayıb, hönkürtü ilə ağlamağa başladı... Ox, səadət nə qədər yaxın idi!.. Lakin... * * * Dilbər Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi. – Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki? Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı. – Dilbər, sənə nə olmuşdur? – deyə soruşdu. Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib: – Müəllimə Dilbəri ərə verirlər, – dedi. – Aha, ərə getmək istəyirsən? – deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən: – Yox, mən istəmirəm, atam verir, – deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı. Dilbər iki dərəcəli məktəbin üçüncü qrupunda idi. Atası Həsən kişi yoxsul bir kəndli idi. Dünya malından qaratikan bir qəlyanı, övlad adına da bir qızı vardı. Ancaq savadsızlığın nə qədər böyük bir bəla olduğunu öz təcrübəsindən bilmiş və oğlu olmadığı üçün qızını da olsa, oxutmağı qərara almışdı. Qışın uzun gecələrində Dilbər kitabını alır, ocaq yanında Həsən kişinin qabağında otururdu. Onun üçün Avropadan, Amerikadan, Afrikadan, adamyeyən insanlardan, bu dünyanın yaranışından oxuyur, Həsən kişi böyük bir zövqlə dinləyir, bunların hamısını eşitdiyi hadisələrlə tutuşdurur və bəzən qızının qəti bir adam olduğuna inanır, sevinirdi. Bir azdan sonra Həsən kişi axundun otağına gedir, Dilbər isə atası gəlincə, dərslərini hazırlamağa başlayırdı. Ara-sıra Dilbər atasının yoxsulluğunu xatırlayır, oxuyub doktor olacağını, ağ paltar geyib xəstələrə baxacağını, atasına kömək edəcəyini, qoca atasının başını ucaldacağını düşünür, düşünürdü... Daha bir çox şeylər düşünürdü... Yazıq ki, zavallı Dilbər onun üçün nələr hazırlandığını heç düşünmürdü. Axşamüstü Həsən kişinin evi dolu idi. Axunddan başlamış, kraxmallı oxumuşlara kimi hər biçimli adam vardı. Lap küncdə oturan gümüş qəlyanlı, tirmə qurşaqlı bir kişi danışırdı: – Ay Həsən kişi, daha köhnə kəndə təzə dəb qoymayacaqsan ki... Maşallah... Allah saxlasın, uşaq da yaşa-boya dolmuşdur... Qız xeylağını evdə çox saxlamaq da bir şey deyildir. Mirzə Kərim də, Allaha şükür, özgə deyil, özün yaxşı tanıyırsan... Allah xeyir versin... Həsən kişi düşündüyünü deyə bilmirdi. – Filani... o ki var, avam... mənim kimi heyvan, o heç... Bizim daha vaxtımız keçmişdir. Dünyaya heyvan gəlmişik, heyvan da gedəcəyik. Bundan sonra avam adam bir pula dəyməz. Mən əhd eləmişəm, günümə bir gün qalmış o uşağı oxudacağam. Pul bir şey deyildir. Adam gərək dünyada yaxşı ilə yamanı bilsin, – deyə Həsən kişi elmin faydasını anlatmaq istəyir, ancaq deyə bilmirdi. Həsən kişi, doğrudan da, pulu o qədər əhəmiyyətli bilmirdi. Ancaq bu dəfə özü əl-ayağının sarılı olduğunu hiss edirdi. Bu vaxtadək gələn elçilərə: “qızım oxuyur, vermərəm”, – deyirdi. Ancaq bu dəfə bir az dili dolaşırdı... Mirzə Kərim mədrəsədə oxumuş bir tələbə idi. Anası mərsiyəxan, atası da pirdə şeyx idi. Ancaq son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün, Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş, ləbbadəni yarıya kimi kəsib, pencək qayırmış, nəleyin yerinə məst geymiş, nəhayət, iyirmi ikinci ildə üçaylıq kurslara girmiş, Molla Kərim əvəzinə, Mirzə Kərim olub çıxmışdı. Kənd məktəbində dərs deyirdi. Fikrən də Mirzə Kərim ziyalılaşmışdı. Hər gün qəzetin ilk səhifəsindəki tarix və nömrəsindən başlayıb, son səhifəsindəki elanlara və sifarişlərə kimi oxuyurdu. Danışığında: “Islam millətinin cəhalətdə qalmasından, xaricilərin mədəniyyəti islamdan aldıqlarından və Quranda bütün elmlərə işarə olduğundan” uzun-uzadıya bəhs edirdi. Mirzə Kərim pis adam deyildi. Kasıblara əl tutandı. Həsən kişinin özünə az yaxşılıq etməmişdi. Hələ bildir Həsən kişinin xırı yandıqdan sonra, Mirzə Kərim yeddi yüz manat verib, onun üçün bir at-araba almışdı. Həsən kişi yarılığa işlədir və xırda-xırda pulunu Mirzə Kərimə doldururdu. Ancaq, nədənsə, bir neçə ay bundan əvvəl at qançır olub ölmüş, altı yüz manatı indi də Həsən kişinin üstündə qalmışdı. Mirzə Kərim isə, insafən, pul üçün Həsən kişini tələsdirmirdi; hətta yeni at alacağını söyləmişdi. Hələ son zamanlar Həsən kişini tez-tez çay içməyə çağırırdı. Insafən, Mirzə Kərim yaxşı adamdı. Gözüaçıq adamdı. Ancaq Dilbəri ərə vermək Həsən kişinin bütün arzularını qırırdı. O da öz qızını böyük adam görmək, onunla fəxr etmək, hələ bəzilərinə acıq vermək istəyirdi... – Filani... Mirzə Kərim yaxşı adamdır. Ancaq mənim qızım oxuyur. Indiki vaxtda... avam insan ki var... heyvan kimi bir şeydir. Məsələn, mən. Mən əhd eləmişəm ki, qızım dərsini başa vurmayınca... Burada kraxmallı bir kişi sözə qarışdı: – Bəli, Həsən dayı. Yaxşı buyurursunuz, elmsiz insan heç bir şeyə dəyməz. Allaha şükür, Mirzə Kərim də hamımızın məlumudur, hələ elm adamıdır, yaxşı dərsi də var. O ki qaldı qızın oxumasına, mən özüylə danışmışam. Mirzə Kərim özü deyir ki, Həsən kişidən çox xoşum gəlir, çünki gözüaçıqdır; mən öz külfətimi oxudacağam. Ancaq bir adı üstündə olacaq, sonra yenə də oxusun. Mirzə Kərim onu səndən yaxşı oxutdura bilər. Orasını özü söz verir. – Bəli, bəli, orasına arxayın ol, Həsən dayı, – deyə o biri də sözə qarışdı. Danışıq uzun sürdü. Həsən kişi çox düşündü. Hətta haradansa ölmüş atı və altı yüz manatı da yadına düşdü. – Filani... sözüm yoxdur... Bir qızım var, elindir. Ancaq bir şərtim var: qızım gərək dərsini oxusun, insan ki, var... – Bəli, bəli arxayın ol... – Axund salavat çevirdi: “Allah xeyir versin!” Axşam Dilbər çörək yemir, mütəmadi ağlayırdı. Masqurada bir az pendir, bir az da doşab vardı. Həsən kişi çörəyi ocağın üstünə qoyub düşünürdü. Dilbərin ac olduğunu bilirdi. – Ağlama, qızım! Mirzə Kərim elm sahibidir. Yaman adam deyil. Mən camaatın yanında onun üçün şərt qoymuşam. Sən gərək axıra kimi oxuyasan. Dilbər, Mirzə Kərimin yarımləbbadəsini, ikiüzlü papağını nə isə çəkə bilmirdi. Atasının vəziyyətini bilirdi. Lakin bu dəqiqədə hər şeyi unudub, atasının qucağına sıxılaraq, göz yaşları arasından: – Ata, mən ona getmək istəmirəm. Mən oxumaq istəyirəm, – deyə ağladı. O gecə Həsən kişi də çörək yemədi. Ata-bala hər ikisi ayrılıqda düşünür və hər ikisi düşüncələrini Dilbərin dərsini davam etdirəcəyi ümidilə başlayır və nədənsə, Həsən kişinin ölmüş atı və altı yüz manat borcu ilə bitirdi... Ancaq Dilbər bunların hamısından başqa, daha bir şeylər düşünür və gizli ağlayırdı. Iş uzun sürmədi. Nişan gəldi: Dilbər üçün təzə paltar, üzük, qolbaq, hətta Həsən kişi üçün də atlas arxalıq gətirildi. Bir neçə gündən sonra “adamımızı verin” məsələsi qalxdı. “Məktəbə evimizdən də gedə bilər”, – dedilər. Qızın yaşı dekret yaşına çatmamışdı. Zaqs üçün o yandan-bu yandan kağız düzəldi. Axund kəbin kəsdi. Dilbər atası ilə, bacısı ilə və dilsiz-ağızsız anası ilə vidalaşıb ər evinə getdi. Günlər gəlib keçirdi. Dilbər məktəb sözünü qaldırmağa belə cəsarət etmirdi. Zatən, dərsdən də qalmamışdı; Mirzə Kərimin anası Molla Gülsüm ona Qurandan dərs verir, müqabiləyə oturdur, yasin əzbərlədirdi. Ara-sıra təzə çıxmış mərsiyələrdən də öyrədirdi. Dilbərin günü payminbər öyrənmək və cümə axşamları yasin, üçaylıqda isə Quran oxumaqla keçirdi. Paltar-palaz yumaq, qabqaşıq yumaq, xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz açmasına imkan vermirdi. Hələ hər gün Mirzə Kərimin yarımləbbadəsini, şişkin, sallaq dodaqlarını, ciyər kimi qırmızı üzünü görmək Dilbər üçün çəkilməz bir əzab idi. Lakin çarə yox idi. Hər gün Mirzə Kərimi görüncə, bir köynək ət tökür, ürəyi döyünür, bədəni əsim-əsim əsirdi. Gözlərini yummaq, qaçmaq, bir bucağa sıxılmaq, gizlənmək istəyirdi. Ancaq mümkün deyildi. O, ərinin qabağına çıxmalı, nəzakət və rəsmiyyətlə onu qəbul etməli, gülümsəməli, gülməli idi. Yoxsa yumruqlar, təpiklər qaçılmaz və amansız şeylərdi. Lakin hər gün yalandan başqa bir rəngə girmək, başqa cür görünmək, ağlamaq istərkən, gülmək də dadlı bir şey deyildi. Nə etmək... qapılar bağlı, qaranlıq məzar kimi... dalğın, susqun bir ev. Bir yana gedə bilmir, kimsəni görə bilmir, dərdlərini söyləyə bilmirdi. Atasının evinə belə getməyə haqqı yoxdu. Dilbər, diri ikən qara bir məzara gömülmüşdü. Ən yaxşı günü, – döyülərkən, gözünün altı göyərmiş bir halda bir bucağa sıxılıb ağladığı və xəstələnib ərinə yanaşmadığı vaxtlar idi. Zatən, Dilbər son zamanlar tez-tez xəstələnirdi. Oynaq, çevik bədəni büzülmüş, şuxluğunu itirmiş, gözəl gözləri dərinə enmiş, al yanaqları saralmış, uçmuş, daim gülümsər dodaqları solmuş, qurumuş, əsəbi bir titrəklik almışdı. Arasıra Quran oxurkən fikri dolaşır, düşünür, keçmişlərini, uşaqlığını, şən və oynaq gəncliyini, məktəb yoldaşlarını, bütün ümidlərini xatırlayır, bütün varlığı sarsılırdı. Nə etmək, tale belə imiş... Günlər keçir, Dilbərin mühiti getdikcə qaralır, ağır bir daş kimi qaranlıq bir quyunun dibinə enir kimi, getdikcə daha artıq qatı bir qaranlığa batır, ilişir, qalırdı. Ara-sıra bir şeylər düşünür, lakin yenə də bütün düşüncələri, nədənsə, atasının ölmüş atı və altı yüz manat borcu ilə bitirdi. * * * Bir gün Molla Gülsüm irəlidə, Dilbər də qoltuğunda Molla Gülsümün topladığı nəzir boğçası ilə qayıdırdılar. Qızlı, oğlanlı bir dəstə Dilbərin diqqətini özündə saxladı. Bunların arasında bir çoxu keçmiş məktəb yoldaşlarından idi. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. Vəziyyətindən utandığı üçün, tanınmasın deyə, çadrasını üzünə çəkdi və eyni zamanda keçmiş xatirat onu sardı. Çox dalğın idi. Bir aralıq incə bir əl onun çiyninə endi; eyni zamanda şux bir gülüş qopdu. Dilbər diksindi. Qorxmuş gözlərini geriyə çevirdi. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən ona hücum etdi. Yanaqları qızardı. Şaşırdı. Qarşısında duran qız – Dilbərin məktəb bacılığı Məryəm idi. Bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə onun üzərinə atılmaq, onu qucmaq, öpmək istədi, amma dayandı. Susdu. Məryəm indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. O isə... zavallı bir mərsiyəxan şagirdi. Məryəm onun boynunu qucub, sözlərini, sorğularını birbir peyvənd edərək dedi: – Ay qız, haradasan, görünmürsən? Bu nədir? Rəngin uçmuş. Xəstəmisən? Səni çoxdan axtarıram, vacib sözüm var. Nədən bu günə düşmüsən? Məryəmin dəstəsi onlara yaxınlaşırdı. Dilbərin ürəyi döyünür. Molla Gülsümün bağıracağından qorxub: – Yaxşı, yaxşı, Məryəm, sonra, sonra... – deyə yaxa qurtarıb, qaçmağa can atırdı. Məryəm isə ona möhkəm yapışmışdı, buraxmırdı. Qızlar və oğlanlar gəlib yetişmişdilər. – Aha, Dilbər, Dilbər necə də dəyişmiş, arıqlamış, solmuş! – deyə qızlar onu bürümüşdülər. Dilbər özünü büsbütün itirmişdi. Bu aralıq Molla Gülsüm gurultuya döndü və Dilbərin ən çox qorxduğu şey, doğrudan da, oldu. Molla Gülsüm başıaçıq qızları və əli kitablı oğlanları Dilbərin dövrəsində görüncə, qudurmuşcasına bağırdı: – Bu nədir? Hələ bu qalmışdır? Əgər axşam ərin itoğlu evə gələr, mən onunla bir neçə kəlmə danışaram. Onlar qızmış, özündən sərxoş ləvəndlərdir. Onlar ərsiz arvad, yüyənsiz atdılar. Sən də onlara qoşulmusan... Oğlanlar tez uzaqlaşdılar. Qızlar şaşırdılar. Dilbər, bütün bədəni titrəyərək, qıpqırmızı kəsilmiş və heç düşünmədən əlini Məryəmin əlindən çıxarıb qaçmaq istəyirdi. Bu aralıq Məryəm onun qulağına əyilib, yavaşdan: – Sənə bir məktub gəlmişdir, məndədir. Bacıngilə verərəm, – dedi. Dilbər heç düşünməyərək: – Yaxşı, yaxşı, – deyə əlini dartdı və qaçaraq uzaqlaşdı... Axşam Molla Gülsüm nəzərləri yerbəyer edir. Dilbər isə oturub Quran oxuyurdu. Ev qaranlıq idi. Ortanı bir məzar sükutu bürümüşdü. Ancaq divardakı saat yorucu bir yekrəngliklə “tıq-tıq” vururdu. Dilbərin fikri uzaq-uzaq yerlərdə idi. Bugünkü hadisə onun bütün varlığını sarsıtmışdı. Düşündükcə, ürəyi döyünür və saatın taqqıltısına “tıq-tıq”, – deyə cavab verirdi. Xatirat ona dinclik vermir, bütün uşaq ruhunu əzirdi. Məktəb, uşaqlıq, qayğısızlıq... Dilbər, gözlərindən əlinin üstünə düşən damlalardan ayılmış kimi, başını qaldırdı. Molla Gülsüm evdə yox idi. Dilbər qalxdı. Taxçadan bir bağlama götürüb açdı, baxdı. Əsəbi bir maraq və həyəcanla baxdı, baxdı... Bütün keçmiş günləri bir dəqiqədə canlanmış kimi, zehnindən keçdi və birdən üzü üstə, bağlama üzərinə enib, dəhşətli bir hönkürtü ilə ağlamağa başladı. Bu, Dilbərin köhnə kitabları idi. Dilbər onları bağrına basıb, dərin kədər ilə için-için ağlayırdı. * * * Gecədən çox keçmişdi. Mirzə Kərim axundun otağından qayıtmamışdı. Ancaq qayıtmasına az qalmışdı. Dilbər qalxdı, qapını açdı, bayıra baxdı. Bulaşıq bir gecə idi. Külək bəzən şiddətlə çırpınır, damların bacalarını taqqıldadır, bəzən heç yoxmuş kimi susurdu. Göydə ay buludlarla toqquşurmuş kimi örtülür və yer üzünü qaranlıqlarda boğur, gah da yavaş-yavaş buluddan çıxıb, bir neçə saniyə üçün yer üzünə xəstə, sarı, ölgün bir işıq atırdı. Dilbər bayıra çıxdı. Yavaşca həyətdən keçdi, küçə qapısını açdı, baxındı. Kimsə yox idi. Bir qədər düşünüb də qayıdıb, açıq qalmış ev qapısına baxdı. Qaranlıq içərisində, pəncərə ilə qapı, lampanın sarı işığında vərəmli iki göz kimi baxırdı. Dilbərin ürəyi sıxıldı və birdən başıaçıq küçəyə atılıb, dustaqdan qaçırmış kimi, bir həyəcan içində qaçmağa başladı. Hara? Özü də bilmirdi... O ancaq qaçmaq, bu dirilər məzarından uzaqlaşmaq istəyirdi. Bu aralıq Dilbər döndü, baxdı. Qapıya bir qaraltı yanaşırdı... Bu, şübhəsiz, Mirzə Kərim idi. Dilbər bir qırpım dayandı. Qorxudan bədəni titrəyirdi. Külək uğuldayır, sanki bir səs ona: “Qayıt, qayıt”, – deyirdi. Lakin Dilbər küləyi dinləyəcək bir halda deyildi. Yaylığının uclarını yaxalamış, əsəbi addımlarla irəli atılmış, qaçır, mütəmadi qaçırdı. Artıq ev uzaqda qalmışdı. Külək qarşıdan Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. Paltarları bir neçə dəfə daşa ilişmiş, yıxılmış, əlləri, dizləri əzilmişdi. Lakin Dilbər bunların fərqinə varmadan qalxır, yenidən yüyürürdü. Harada olduğunu bilmir və bəlkə də düşünmürdü. Ancaq acıqlı dalğaların yalçın qayalara çarpıb bir gurultu qoparması sahildə olduğunu xatırladırdı. Ay bulud altına keçmiş, bütün kainat qaranlığa bürünmüşdü. Ətrafda kimsə yox idi. Hər tərəfdən vəhşi bir təbiət, qatı bir qaranlıq Dilbəri bürümüşdü. Gecənin qaranlığı içərisində yalnız küləyin qorxunc gurultusu Dilbərin qulaqlarında uğuldayır, qarşıda Kaspinin yırtıcı dalğaları hiddətlə qayalara çarpır, döyüşür, bağırır, yalçın qayaları, sərt daşları qoparmaq, yıxmaq, öz ağuşuna alıb udmaq istəyirdi. Dilbər isə heç bir şey görmədən, düşünmədən bu kimsəsiz təbiətin ortasında yürüyür, getdikcə evdən uzaqlaşır və qatı bir qaranlığa batırdı. Haraya? Nə üçün? Burasını Dilbər özü də bilmirdi. Artıq sahildə gecənin qaranlığından başqa bir şey görünmür, küləyin uğultusundan və dalğaların acıqlı bağırtısından başqa bir şey eşidilmirdi. Dilbər qaranlığa qatışmış... gecə Dilbəri udmuşdu... * * * Papaq Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim. – Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə... Mən bir fikirləşdim, gedim görüm. Birdən getdim, olmadı belə, oldu elə. Bir qənbərqulu çıxdı. Sonra bu xəlvət küçədə mənim hara imanım yetəcəkdi. Milis yox, qarovulçu yox, dərimə saman səpərlər. Hələ ikicə gün qabaq bir Allah bəndəsini küçənin tən ortasında uzatmışdılar. Harayına o məhəllənin zaslujnı qarovulçusu olan çolaq Qaşdandan başqa bir zürriyyət çıxmamışdı. Qayıtmaq istəyirdim, ancaq, doğrusu, bir azca kişiliyimə kəsir gələrdi. Çünki səs arvad səsi idi. Arvad məni haraya çağırsın, mən getməyim?!.. Ancaq orası var ki, arvadın özündən də bir azca şübhəli idim. Kim bilir olmadı belə, oldu elə... Xülasə, qiryət mənə pərçim oldu... Çəkmələrimin qaytanlarını sarıdım belimin qayışına, pencəyimin ətəklərini sancdım şalvarımın nifəsinə,1 papağımı sancdım pencəyimin qoltuq cibinə... Qorxdum, birdən iş qaçmağa müncər olar, papağım düşər. Özü cəhənnəmə, biabır olaram. Genə şapka-mapka olsa, dərd yarı idi. Mənimki xalis Buxara dərisindəndi. Deyərlər, qiryəti qoydu, qaçdı. Nə isə, əyildim, yerdən mükəmməl bir daş götürdüm və qaraltıya tərəf getməyə başladım. Bir az qalmış dayandım, diqqətlə baxdım. Kölgə durduğu yerdə yırğalanırdı. Özü də doğrudan da, çadralı bir arvada bənzəyirdi. Ancaq dalında bir qarzinka, qoltuğunda da nə isə adam cəmdəyinə bənzəyən bir şey vardı. Ancaq qaranlıqda seçilmirdi. Nə isə, bir dəli şeytan mənə dedi: qayıt. Çünki bu arvad düz arvad isə, gecənin bu vaxtında burada nə gəzir. Özü də qarzinka ilə... Yaxında klub yox, kino yox, yığıncaq yox... məhərrəm də deyil ki, məsciddən qayıdan olsun. Bulvardan qayıdan da ola bilməz. Çünki bu məhlədən tramvay xəttinə çıxmaq üçün yol olmadığından arvad-arvaddır, kişilər də şəhər içini yenə bilmirlər. Yüz min bəla ilə işə gedib ölə-ölə qayıda bilsələr, odur ki, var. Daha klub, yığıncaq kimin yadına düşər? Bir də hələ tutalım ki, bu arvad dəli olub, məsələn, kartinadan gəlir. Yaxşı bəs bu qarzinka nədir? Bir fikirləşdim ki, bəlkə oğurlayıb. Bu mümkün işdi. Milis yox, qarovulçu yox. Ancaq bəs qucağındakı çamadan nə idi... Yenə bir dəyim qayıdım, nə lazım helə-belə gedim-getməyim. Böyük Səlyan küçəsinin tininə çatdım. Hələ bura çatmışdım ki, bir də nə gördüm: başuva dönüm: yuxarıdan – qəbiristanlıq tərəfdən bir qaraltı, ardınca 20- 25 müsəlman ölüsü qaçırlar. Müsəlman ölüsü olduğunu da ondan bilirəm ki, hamısı ağ kəfəndə idi. Ölülər yaman çaxnaşmışdılar. – Adə, qaç, gəldi! Adə, tut, qoyma! Adə, qaç! – deyə qaçaqaç idi. Mən əvvəl bir fikirləşdim ki, sahibi-salavatəleyh zühur edib. Ona görə də bütün qəbiristanlığın ölüləri qəbirdən baş qovzayırlar. Sonra gördüm yox, qaraltının əlində parıldayan bir şey qaçır. Ölülərin də yüyürüşü cəhad hücumuna bənzəmir. Onlar da qaçırlar. Gördüm hamı qaçır, dedim daha dayanmaq vaxtı deyil. Asta qaçan namərddir, – deyə tüpürdüm dabanıma – qaç ki, qaçasan. Aşağıdan bir nəfər də gəlirdi. Gördü biz qaçırıq o da qayıtdı, başladı qaçmağa... Bir ürəyimdə fikirləşdim ki, xub, biz qaçırıq-qaçırıq, bəs bu axmaq oğlu axmaq niyə qaçır. O ki heç bilmir nə var, nə yox. Bəlkə heç qaçmalı bir şey yoxdur. Ancaq yenə ürəyimdə fikirləşib gördüm ki, doğrudan da, kişinin haqqı vardır. Nə lazım, birdən bu ölünün xoşuna gəlmədi. Tutub atanı yandırar... səsi də heç yerə çatmaz... Nə isə, hamımız qaçırdıq. Mən bilirdim ki, bu məhlə başlı-başını saxlayır, yaşayır... Çığıra-çığıra aşağı tinə çatdım. Palçığın içində yekə bir stəkan sınığı ayağımı kəsmişdi. Daha qaça bilmədim. Onsuz da özüm bir o qədər qorxacaq deyiləm. Odur ki, tinə çatdım, dayandım. Özümə toxtaq verirdim. Adamlar hələ də daldan qaçırdılar. Beş-altısı gəlib qabağımdan keçdi. Tinə sıxılıb ixtiyarsız dayanmışdım. Bir nəfər qara paltarda, əlində ət qiyməkeşi bunların ardınca yüyürürdü. Mən nəfəsimi çəkməyirdim. Nə vardı, nə olurdu? Anlaya bilmirdim. Bircə onu gördüm ki, corablarımın ikisi də çiynimdən düşmüş, çəkməmin də bir tayı yoxdur. Ancaq yaxşı ki, papağım yerindəydi... Əyilə-əyilə tini buruldum. O biri küçəyə sürünə-sürünə, yıxıla-yıxıla özümü yetirdim. Küçəmizə, dalanmıza bir azca qalmış bir də gördüm qara bir kölgə dalında yekə bir kisə dalanmıza tərəf gəlir. Dalan qapısına çatdı, dayandı. Kisəsini yerə qoydu. Başladı o yan-bu yana göz gəzdirməyə. Mən qorxudan dinməz dayanmışdım. Bu adam kim idi? Kisəsində nə idi? Hələ bunu düşünürdüm iş, birdən bu adam dalanmıza baxdı və dördayaq mənə tərəf götürüldü. Bunu görər-görməz mən də götürüldüm. Yenə də qaç ki, qaçasan. Ancaq hadisələr məni igidləşdirmişdi... Çox qaçmayıb bir azdan dönüb geriyə baxdım. Atam tini burulub sağ tərəfə qaçırdı. Mən dayandım, ancaq kisənin qorxusundan dalana yaxınlaşa bilmirdim. Doğrudan da, gecənin bu vaxtında bu zəhrimar kisə çox əsrarəngiz idi. Özü də nəhs kimi dalanın ağzına salınmışdı. Indi gəl bunun yanından keç görüm, necə keçirsən. Ax, bircə bilsə idim gecənin yarısında bu kisədə nə ola bilər... çox dayandım. Ay da göyün ortasında dayanmışdı. O mənə baxırdı, mən ona. Ancaq nə o danışırdı, nə də mən. Lakin dalanımızda nə isə bir boğuşma kimi olduğunu açıq hiss edirdim. Kisə yiyəsi də burada nə isə gördüyü üçün qaçdı. Igid hər yerdə özünü göstərər. Odur ki, mən də bütün cəsarətimi toplayıb bir addım-bir addım divardibi sürünməyə başladım. Hələ dalan ilə tuşlaşanda bədənimə bir titrəmə düşdü. Bütün damarlarımda qan bilmərrə dondu, yainki qaynadı. Mən biləni, qaynadı, çünki üçüncü dəfə olaraq dabanlarıma tüpürüb geri götürüldüm. Ərz edirəm, çox da qorxacaqlardan deyiləm ki, qaça da bilməyim. Qaçdığım da ona görədir ki, bayaqkı ölülərdən bir dəstə də bizim qapımızda idi. Oradan böylə səslər gəlirdi: – Arvad, aç də! Yeyirəm səni? Bir arvadın səsi gəlirdi: – Vay, uşağımı öldürdülər. – Aç! Yeyirəm səni? Hələ mən dalana tuşlaşanda gördüm içəridən üst-üstdən beşatılanlar işləməyə başladı. Daha dayanmağın heç yeri deyildi. Geri götürüldüm. Hələ götürüldüyümü gördüm ki, birdən yekə bir şey üstümə atıldı. Bərk qışqırdım və yerə yıxıldım. Ancaq yıxılmaq vaxtı da deyildi. Əlim tutulu olduğu üçün vuruşa da bilmirdim. Yenə qaçmaqdan başqa çarə yox idi. Bu dəfə də qaçdım. Yenə də bayaqkı döngəyə çatıb dayandım. Bu dəfə vəziyyətim daha çətin idi. Çəkməmin o biri tayı da düşmüşdü. Əməkdar qarovulçu çolaq Qaştan balağımın birini nifəsindən cırıb yanımdan sallamışdı. Ombama da əl gəzdirmişdi. O biri balağım yenə də çırmanmışdı. Ancaq papağım yerində idi. Bərk yorğun idim. Dizlərim kəsilirdi. Baxdım ki, çolaq Qaştan ilə vuruşurkən mənim əlimi tutan nə imiş. Gördüm bayaq qarzinkalı arvadın köməyinə getmək istərkən yerdən... götürdüyüm daşdır ki, vuruşmada o qədər özümü itirmişəm ki, yadımdan çıxıb daşı suxarı-zad hesab edib əlimdə saxlamışam. Özümə gələ bilmirdim. O qarzinkalı arvad kim idi və nə köməkbazlıq idi? Yanımdan qaçan əlibıçaqlılar və ağ kəfənli ölülər kim idi. Hələ dalanımızdakı boğuşma, hələ atılan beşatılanlar... Kimi öldürürlərdi. Hələ dalanımızın lap ağzında atılan, ayaq üstündə duran o əsrarəngiz kisə... nə isə daşı altına qoyub oturdum və papağımı pencəyimin qoltuq cibindən çıxarıb Hamlet kimi qabağıma qoydum və düşünməyə başladım: – Olum, ya ölüm! Budur əsl məsələ. Nə etməli? Oğul-uşaqdan əl çəkib onları ölülərin əlində, o boğuşmanın içində qoyub səhər içinə enmək və orada tinbaşı dəstə ilə durub “Hüseyn kürd”3 nağılını danışan milisionerlərin nağıllarına qulaq asmaq və yaxud canımı dişimə tutub o əsrarəngiz kisənin yanından keçmək, ya evə yol tapmaq, ya da biryolluq ölmək... Əvət, biryolluq ölmək bu palçığın, bu çamurun üzündən, bu işıqsız, kooperativsiz, klubsuz, yolsuz, mostovoysuz, səkisiz, milissiz və qarovulçusuz küçələrin əlindən xilas olmaq... (Neçin şəhərin döşənmiş küçələrində yer tapmayan və bu zavallı məhləyə sığışan minlərlə ən yoxsul türk, rus, erməni işçi və əməkçilərinin, vodniklərin, qazan təmizləyənlərin, daş yonanların, qruzçiklərin, həmmalların və sairənin bu ağır halına baxan yoxdur? Neçin bunların Bakı şurasında danışan bir nümayəndələri yoxdur ki, onların dərdlərini Bakı şurasına bildirsin və desin ki, kommunxoz lığlı küçələrdə qənbər üstündən asfalt salanda bizim də bu küçədə palçığın için beş-altı daş atmayır, heç olmazsa, adamlar daşdan-daşa hoppanaraq gedə bilsinlər. O, kommunxoza desin ki, bu məhlədə yaşayanlara da müalicəxana, məktəb, klub və sairə lazımdır. Heç olmazsa, uşaqların şəhərdəki məktəblərə gedə bilməsi üçün onlara kiçicik bir yol lazımdır... Vadavoznı küçədə Tarayevin evinə az qala larketlə yol çəkmək üçün daş tapılarkən, bu 10 il ərzində bir sajen daş alıb bu zavallı küçələrə döşəmək və minlərlə məktəbə gedən çocuqları, işə gedən işçiləri, çörək və sairə almaq üçün yekə bir dağı aşıb çıxan işçi arvadları bu əziyyətlərdən qurtarmaq üçün 3 manat 14 şahı pul tapa bilmir.... Malakan bağının tinində sökülmüş daxmanın daşı 2-3 gün gec təmizləndiyi üçün orada yaşayanlar yazmadıqları qəzetə, çığırmadıqları iclas qoymadılar. Qəzetlərdə kommunxozun qoparağını qopartdılar. Əgər bu məhlənin də Bakı şurasında bir nümayəndəsi olsa idi, ya bəlkə varsa, ağzına isti su alıb dinməz oturmasaydı, ya şura üzvlərindən, vəzifəlilərdən bir neçəsi bu məhlədə yaşasaydı, onda o nə edərdi? O, sadə və doğru sözlər ilə kommunxozun bütün zavlarını, zamzavların göz yaşlarında boğar, bu işi ləngidənlərin və 10 ilə bu küçələr üçün plana bir qəpik də salmayanların rəhmətlik atalarını qəbirdən çıxardıb dallarına sarıyardı ki, daha onlar şikayətə gedənlərə “bu neçə ili necə yaşamışsınız ki, indi bir neçə il də dayanmaq istəmirsiniz”, – deyə bilməzdilər. O nümayəndə onlar deyərdi ki, qabaqlar uşaqlarımız məktəbə getmirdilər, adamlar ayaqyalın gəzirdi və ümumiyyətlə, mənim də, onun da rəhmətlik babalarımız tövlədə mal-qara ilə bir yerdə yatırdı. Indi hər şey dəyişmiş, inqilab olmuş, adamlar tövlələrdən çıxmış, adam olmuşdur. Palçıqlı ayaq ilə girilməyəcək evlərdə yaşayırlar. Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı? Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?!) Ayaq dedim, öz ayağım yadıma düşdü. Şoğəribin qanı dayanmırdı ki, dayanmırdı. Gördüm işi bir az da uzatsam, başımı şaxta vuracaq, doğrudan da, Hamlet kimi dəli olacağam. Odur ki, durdum ayağa, dəvəlbərazimi yığışdırdım. Papağımı təzədən bükdüm, qoydum cibimə. Qalstukumu açdım, sarıdım ayağımın yarasına... Ancaq Hamlet kimi hələ də bir qərara gəlməmişdim. Hansı tərəfə gedəcəyimi bilmirdim. O əsrarəngiz kisə mənim ürəyimə yaman qorxu salmışdı. Orada hər şey ola bilərdi. Oğurluq mal... ola bilərdi. Qoçaq bir oğlanın çarşafını atan və kluba gedən xalası qızı ola bilərdi (genə dirisi olsa idi, dərd yarıydı, bir o qədər də qorxmazdım). Hər şey ola bilərdi. Çünki bu bərilərdə böylə şeylər görünməz deyil... Ancaq məni ən çox qorxudan mənim bilməməzliyim idi. Kisənin böylə əsrarəngiz olması mənim ürəyimi vahiməyə salmışdı. Allahyara, bir də ona tərəf getmək istədim. Bir də gördüm yuxarıdan, qəbiristanlıq tərəfdən bir qaraltı mənə tərəf gəlir. Nəhs kimi bunun da dalında dolu bir kisə vardı. Doğrusu, can boğazıma yığılmışdı. Qaçmaq fikrində deyildim. Istəsəydim də, ayağım yenə ağrıdığı üçün qaça bilməyəcəkdim. Odur ki, dayandım. Qəti bir səslə: – Kimsən? – dedim... Gələn dillənmədi. Saymazcasına, adi addımlarla gəlirdi. Mən daha qəti bir səslə: – Adə hey, eşitmirsən? – dedim. – Kimsən? Qaraltı mənimlə tuşlanmışdı. Sakit bir hərəkətlə başını qaldırıb üzümə baxdı. Qaranlığın içində gözləri avtomobilin fənəri kimi işıldayırdı. Bütün görkəmində bir yırtıcılıq hiss edilirdi. Doğrusu, öz aramızdır, bir istədim yenə də qaçım. Çünki bu cəhətcə mən məşhur Koroğlunun fikrindəyəm. Məncə də igidliyin yüz şərti vardır. Bunlardan doxsan doqquzu qaçmaqdır, biri də gözə görünməmək... Ancaq mən bu dəfə də qaçsaydım, yüz tamam olacaqdı. O baxdı, mən də baxdım. Sağ ayağımı tinin o biri küçəsinə atıb qaçmaq yerini tədarük etdikdən sonra üçüncü dəfə olaraq daha sərt bir səslə sordum: – Adə, sənə deyirəm ey... Eşidirsənmi, kimsən? Qaraltı insafən çox sakit, lakin azacıq sərt bir səslə: – Sənə nə var? – dedi. Mən o saat özümü yetirdim və o saat vəziyyəti başımda fikirləşdim: Tutalım ki, lap hələ oğrudur, quldurdur. Ancaq oğru olanda nə olar. Kişinin sözü ki, hesabidir. – Əbləh, qurumsaq, sənə nə var, kimdir? Görüm, sən milisionersən, qarovulçusan ki, gəlib-gedəndən həqq-hesab soruşursan? Ancaq daha qanun yeri deyildi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. Daha dinməsəydin, deyəcəkdi ki, qorxdu. Odur ki, bütün iradəmi toplayıb: – Necə mənə nə var? Bir bilməyim ki, gecənin bu vaxtında sən kimsən? – dedim. Öylə də qəti dedim ki, guya indi Ərbəhanın toplarından bir neçəsi vardır, çərtən kimi bombardman başlanacaqdır. Kişi saymazcasına başını aşağı salıb yenə də çox sakit bir səslə: – Qəbiristanlıqdan gəlirəm, – dedi və heç vecinə almadan yoluna davam edib yanımdan ötdü. Dedim, bəlkə, kişi öz rəhmətlik babasının sümüklərini Kərbəlayə göndərmək istəyir. Ancaq ismi-əleyhsiz olduğu üçün gündüz utandığından gecə çıxarıb aparır. Qaraltı hələ ötməmişdi ki, birdən gördüm yuxarıdan yenə də ağ kəfənli bir ölü yüyürür və qışqırır: – Adə, dayan hey! Sənə deyirəm, dayan! Adə, tut onu. Tut onu! Dayan sənə, deyirəm! Baxdım ki, yanımdan ötən qaraltı heç vəziyyətini pozmadan gedir. Odur ki, mən başladım şübhələnməyə. Ölünün əmri kimə idi? Kim dayanmalı idi; mən, ya o qaraltı? Kim-kimi tutmalı idi? Mən onu, ya o məni... Iş qorxudan keçmişdi. – Adə, kimə deyirsən, – dedim. – O gedən kimdir, ona deyirəm. Adə, həyətdən çıxan, kimsən, dayan! Ölü yaxınlaşdı, gördüm ölü ölü deyilmiş. Bu yazıq bizim qonşumuzdakı invaliddir ki, bir tuman, bir köynəklə oğrunun dalınca çıxıbdır. Işi anladım. Yanımdan, keçən oğru imiş. Odur ki, səmimi, yavaşca yumşaldım. Nə lazım, xətası çıxar. Olmadı belə, oldu elə... – Vətəndaş oğru, a vətəndaş oğru. Bircə zəhmət çək dayan, – deyə bu dəfə çox nəzakətlə qaraltıya müraciət etdim. Ancaq onu artıq görmədim. O, tini burulmuşdu. Invalid yanıma gəldi. Məlum oldu ki, vətəndaş oğru onun butkasını açıb, beş-altı şahılıq soğan-kartofunu kisəyə doldurmuş, lakin bunu az görüb həyətə girmiş və oradakı qoyunu da açmaq istəmiş, ancaq invalid oyanıb onun dalınca düşmüşdür. Iş orasındadır ki, bu invalid qaçsaydı, onu tuta bilərdi. Ancaq qorxudan ona yanaşa bilmirdi. Odur ki, çox təkidlə mənə deyirdi. – Adə, yüyür tut onu! Oğrudur köpək oğlu: Mən nə hayda, bu nə hayda. – Özün yüyürüb tutsana... Invalid olsan da, səs çıxara bilmirsən, daha yüyürməyə nə var? Ancaq bilirdim ki, o getməyəcək və getməyi də nə lazım. Olmadı belə, oldu elə. Itələdi bıçağı... onda nə olsun? Bu işin özü boş işdir. Ancaq mənə bir xeyri dəydi. Bilmirəm oxucular anladılar-anlamadılar. Ancaq mən o saat şəhadət barmağımı dişlədim. Ey dili-qafil. Olmaya o bayaqkı ölülər də nöyzənbillah ölü deyilmiş. Helə tuman-köynəklə bayırda çıxan adamlar imiş. Ancaq bunlar tuman-köynəklə bizim qapımızda nə gəzirdilər və beşatılanları atan kimdi? Səlyandakı küçədən birinci Xrebtovı küçəsinə burulub qonşunun damına çıxdım. Oradan dalanımız görünür. Dama çıxmaq bir o qədər qorxulu deyildi. Çünki buralarda iki gündən bir oğrular küçədən dama, damdan həyətə boş atdanıb, dolu qayıdırlar. Heç birinin gözünü də füləyən yoxdur. Mənə kim nə deyəcəkdir. Yəni kim var bir söz desin də! Yenə də dalan qələbəlik idi. Qarmaqarışıq danışırdılar. Diqqətlə qulaq asdım, birinin səsini tanıdım. Bu bizim qonşulardan biri idi. Özü də xalis diri idi. Qaçmaq yerini tədarüklədikdən sonra yavaşcadan qışqırdım. – Məşədi Mehdiqulu, sənsən? – Bəli! Oho, Sancaq bəy, sənsən? – Bəli. – Sən hara, ora hara. – Çızmışam da. – Necəsən, kefin, əhvalın? – Çox sağ ol, çox razıyam. – Yaxşı bir de görək haçan gəlmisən? – Üç gündür... – Nə... bir de görək bu gecənin yarısında... Uşaqlar salamatdırmı? – Çox sağ ol... – Yaxşı, bir de görək... uşaqların anası ikicanlı idi. De görüm zad oldu, ya yox... Məşədi Mehdiqulu üst-üstdən sorğu-sual yağdırırdı... Nə isə, mən ürəkləndim, divardan aşdım birbaş dalana. Ancaq yenə də fikrim o əsrarəngiz kisənin yanında idi. Baxdım ki, bu adamlar hamısı məhlə adamlarıdır. Özləri də bizim qapımız deyil, qonşumuzun qapısına toplaşmışlar. Məlum oldu ki, qonşu evdə Əlinin pişiyi Vəlinin kasasını sındırıb və bunun üstündə Əli ilə Vəli və qardaşları vuruşmalı idi. Bu adamlar da qonşumuzdakı evdə olan telefon ilə danışmağa və rayondan kömək çağırmağa gəlmişlər. Odur ki, bayaq “Arvad qapını aç”, – deyə səs gəlirmiş. Arvad da gecə keçdiyindən qorxub qapını açmaq istəməmişdir. Gələnlər tələsdiklərindən qapını əvvəl yavaş, sonra yumruq ilə, axırda bayırdan götürdükləri qənbər ilə döyürmüşlər. Qaranlıq gecə, səssiz küçə, yumru qənbər, taxta ala qapı. Yaxşı ki, mən beşatılan səsi bilmişəm. Özgəsi olsa idi, top səsi bilərdi. Vuruşanlar qabaqca işi yumruqdan başlamışlar. Bundan iş aşmayanda əl atmışlar ağaca “taraqqataraqta aqqataraq”, bundan da bir fayda çıxmır. Binanüma qoyurlar qabaqca bıçağa, sonra dəhrəyə... Axırda Əli böyük bir mərhəmətlə bıçağı dürtür Vəlinin qarnına və yavaşcadan qızışıb aradan çıxır. Bir də adamlar baxıb görür ki, Vəli uzanıb yerə. Qarnından da qan fantan vurur. Adamlar daha qorxudan bıçaq vurana yaxın dura bilməyirlər. Ancaq oradan çıxandan sonra neçinsə düşürlər onun qardaşının üstünə: vur ki, vurasan! O da görür ki, iş qurumqolaysızdır, atasını yandıracaqlar, qapır ət dəhrəsini, qabağına gələnə bir dəhrə. Adamlar pərənpərən olurlar, üz qoyurlar qaçmağa. Bu da onların dalınca. Hələ yaxşı ki, mənim əqlimə gəlib bayaq divarın dibinə sıxılmışam. Yoxsa böyük tikəm noxuddan da xırda doğranarmış. Nə var ki, əlini tutan yox, ayağını tutan yox... Məni görən kimi, adamlar tez yığışdılar başıma. Ay Sancaq yoldaş, gəl sən bir irayona danış, bəlkə bir şey çıxa... Məlum oldu ki, iş yumruq davasına müncər olanda rayona zəng çalıb milis çağırırlar. – Kimsən? Adın nədir? Hansı kənddənsən? Anan neçə yaşında ərə gedib? Atan neçə yaşında evlənib? Hələ rayonda adam yoxdur. Gələndə göndərərik, – deyirlər. Gözləyirlər gələn olsun. Iş ağac davasına çatınca, bir də zəng çalırlar. Yenə də rayondan həmin o sözlər: Kimsən? Adın nədir? Hansı kənddənsən? Xalan qızı çarşaflı gəzir, çarşafsız? Bibin oğlunun bir arvadı var, iki arvadı... Yaxşı göndərərik... Iş bıçaqlaşmaya çatanda bir də zəng çalırlar. Yenə də gələn olmur. Iş dəhrəyə çatanda telefon yiyəsi çıxır, gedir vəfata. Arvadı da qorxudan qapını açmaq istəmir. Odur ki, taqqataraq beşatılan səsi verir... Telefonu götürdüm. İkinci rayonu istədim. Yenə də anketə başladı. – Kimsən? Vuruşan kepkalıdır, papaqlıdır? Göndərərik... Tələsik yardıma zəng çaldıq. – Kimdir? Hansı küçədəndir? Qoyun faytona, gətirin. – Canım, burada fayton nə gəzir? – Hansı küçədədir? – Böyük Səlyan küçəsində. – Oho?! Yox, yox... Gələ bilmərik. Ora nə fayton yolu var, nə də maşın yolu. Vurulan da tir uzanıb yerə, əl-ayağını uzadıb ki, ölürəm. Doğrudan da qan dayanmırdı... Əlinin qardaşı da dəhrəni qapıb qabağına çıxanı şappalayır. Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi. Baxdım saat hələ indi on tamam olur. Sən demə, mənim saatım gündüz saat birin yarısından yatmışdır. Istədim düzəldim, gördüm vurhavurun içində saatın şüşəsi də düşüb, böyük əqrəbi də. Yazılarımın da yarısı tökülübdür. Nə isə saat 10-dan çağırdığımız milis gecə saat 3-də gəldi çıxdı. Bıçaqlanan da dörd saat idi ki, özündən getmiş, qan dayanmırdı. Dəllək Əlimərdan gəldi. Məsləhət gördü ki, bilovu tüpürcək ilə islatsınlar, sonra da bakir bir qızın hörüyünü bilova sürtüb yaraya bassınlar. Axtardılar, bakir qız tapmaq çətin oldu. Qəssab Ağacan resept verdi ki, mal iliyi ilə qoyun ödünü qarışdırıb qoysunlar... Qoydular, qan dayanmadı. Nöyüt Süleyman dedi ki, bir az nöyüt xılxı ilə sabunu qarışdırıb qoysunlar... Qoydular, dayanmadı. Dabbağ Səməd də gəldi ki, bir az qoyun astarı çəkin. Qalayçı Qazan da dedi ki, bir az qazan qarası ilə qurşun pası qoyun. Qoydular, dayanmadı. Hörümçək qoydular dayanmadı. Batdaq qoydular dayanmadı. Dəstərxan qoydular dayanmadı ki, dayanmadı. Hələ kişinin qarnına təzəcə yorğan təpişdirdilər ki, bu yandan xəbər çıxdı ki, tələsik yardımın maşını gəlib qalıb Şura küçəsinin altında yuxarı çıxa bilmir. Biz bir-iki nəfər getdik rayona şahid... Yuxarı qayıdırdıq. Gördük beş-altı nəfər adam qıçları öz qaydasilə dizlərinə kimi çırmanmış, çiyinlərində ölü mafacına (katafalka) oxşayan bir şey aşağı gəlirlər. Heyrət etməmək olmazdı. Gecənin bir vaxtında hansı axmaqdır ölü basdırır. Düşünürəm ki, yəqin ölünü basdırıb qayıdır. Yavaşca birini yaxaladım. – Bibioğlu, bu mərhumu gecə neyçün basdırdınız, – deyə soruşdum. – Ölü basdırmamışıq... – Mafa doludur, boş? – Doludur. – Yaxşı bəs qəbiristanlıq geridə, bu rəhmətliyi şəhərə neyçün aparırsınız? Tutduğum adam sorğularımdan çox darıxırmış və çox da qaba cavab verirdi. – Canım, mafadakı ölü deyil, hələ diridir. Mən lap çaşıb qalmışdım. Bu yaşa çatmışdım, mafada diri görməmişdim... – Yoldaş Sancaq, bu helə bayaqkı məsələdir də... Bu oğlan səni tanıyır. Mafadakı Vəlidir... – deyə Məşədi Mehdiqulu mənə də anladırdı. – Yaxşı, bəs bunu mafaya niyə qoymuşsunuz? – Haftavamil (avtomobil – A.R.) palçıqdan gələ bilmir. Nərdivanfilan da tapılmadı. Ümidimiz yenə də oraya gəldi. Mafanı götürdük. Yaralını qoymuşuq içinə, haftavamilə aparırıq. Mən mafanı görəndə qabaqcadan bir fatihə verib əlhəmdüvəllah oxumuşdum. Onu da qaytardım, oxudum abadanlıq şöbəsində işləyənlərin bidarət ölülərinə. Özüm də yönəldim evə tərəf. Ancaq onu gördüm ki, altıncı Təzəpir küçəsilə Şura küçəsinin ortasında mafa yolun bir tərəfində durub, maşın o biri tərəfdə... Orta qurşağa kimi palçıqdır. Nə maşın bu yana keçə bilir, nə mafa o yana... Şofer çıxıb maşının damına, maşın özü də batıb palçığa, çıxa bilmir... Vəligilin adamları bu yandan fışqırır, şofernən ferşil də o yandan. Burada mənim yadıma Əsli-Kərəm əhvalatı düşdü... Əsli balqonda qalıb, Kərəm balqonun altında... Mən gördüm bunların işi uzun sürəcək, özüm də çox yorğunam. Odur ki, genə dəniz kimi dayanan çamurun içindən sərçə kimi daşdandaşa hoppanaraq evə tərəf üz qoydum. Hələ tək qalan kimi genə o əsrarəngiz kisə yadıma düşdü. Dalana necə yaxınlaşacağımı bilmirdim. Başımda qiyamət qopmuşdu. Hələ dalana bir azca qalmış təzədən dəhşət məni bürüdü. Yenə də bir kölgə... yenə də dalanda bir kisə xəfəki-xəfəki, əyilə-əyilə divar dibilə sürünürdü... Ancaq daha qaçmağa taqətim qalmamışdı... dayanmışdım. Kölgə yaxınlaşdıqca daha aydın görünürdü. Təəccüblü burasıdır ki, kölgənin başında çarşaf vardı. Arvad idi, kişi idi, onu bilmirəm. Ancaq çarşafı açıq-aydın seçilirdi. Birdən arvad başını götürüb məni görcək, kisəni yerə buraxıb daban aldı. Mən daha canımdan bezmişdim... – Arvad, dayan – deyə bağırdım. Arvad dayandı. Nə o mənə tərəf gəldi, nə mən ona tərəf. – Arvadsan, kişi? – dedim. Arvad bir qədər baxdı və birdən gözlərini mənə zilləyib birbaş üstümə yürüməyə başladı. Mən müvazinətimi itirdim. Hələ qaçmaq istəyirdim, birdən ona baxdım. Gözlərimə inanmadım. Bu arvad mənim qoca nənəm idi... – Nənə bu nə əhvalatdır? – Nənəm danışmadı. – Bu kisədə nə vardır? – Nənəm başını aşağı dikdi və yoluna düzəldi. Mən, doğrusu kisəyə yaxın düşmədim və nənəmin ardınca gedərək təkrar-təkrar soruşurdum. – Axı bu kisədəki nədir? – Nənəm, mənim israrımdan təngə gəlib çox acıqlı bir səslə dedi: – Ay balam, sənin təbiətin birtəhərdir. Allaha inanmırsan, peyğəmbər deyənə qulaq asmırsan. Mən bu sirri sənə aça bilmərəm. Mən maraqdan boğulurdum. Bu nə sirr idi ki, onu göylərin ildırımından, gecənin qaranlığından başqa kimsə bilməməli idi. Dalana yaxınlaşdıqca mən ayaqlarımı yavaşıdırdım. Çünki bayaqkı əsrarəngiz kisə də yadımdan çıxmamışdı. Qorxudan dalana yaxınlaşa bilmirdim. – Yaxşı, nənə, axı o kisələrdən biri də bizim dalanın ağzına salınmışdır. – Nənəm hiddətindən partladı. – Bilirəm köpək uşağı, bilirəm o kisə kimindir. Sabah onu qəzetə verməsəm, atamın qızı deyiləm. O istəyir bizə hayıf versin... – Axı kisədə nədir? – Heç nə! Mən əgər sabah o kisəni onun ölüsünün goruna saldım, mən də oldum Kərbəlayı Səməndərin qızı... nənəm bərk acıqlanmışdı. mən kisəyə yaxınlaşmamaq üçün yavaş-yavaş gedirdim. Nənəm axsaq ördək kimi yanlarını basa-basa qabaqda yeriyirdi. Kisəyə çatdı, boğazından yapışdı. Görünür, dalına almaq istəyirdi. Gücü çatmadığı üçün o... acıqlı-acıqlı üzünü mənə tutub: – Gəl bu kisəni qoy dalıma, – dedi. Mən yaxın gəlmək istəmirdim. Nənəm oturdu. Kisəni belinə saldı. Durdu ayağa və bu dəfə üzü yuxarı ləhləməyə başladı. Mən dalan qapısını sərbəst görüb tez özümü dürtdüm içəri. Ancaq nə olursa olsun, bu gecə bu əsrarəngiz kisənin məzmunu və macərasını öyrənməli idim. Həyət qapısını açdım. Neyçünsə, işıqlarımız yanmırdı. Evimizdə bir çaxnaşma vardı. Heç böylə olmazdı. Gediləcək bir yer olmadığından külfət hamısı axşamdan “küftə-bozbaş”, kəlləni atıb yerə; bir də səhər durur. Yolsuzluqdan tiatroya gedən yox ki, oradan qayıtsın, məktəbə gedən yox ki, dərs əzbərləməyə otursun. Məktəb yaşında iki qul beçəniz var. Yaxında məktəb və aşağıdakı məktəblərə enmək üçün yol olmadığından heç biri məktəbə gedə bilmir və getmir. Şübhəm daha da artdı. Nənəmin kisəsini də bu işin üstə əlavə etdim və yəqin elədim ki, evimizdə fövqəladə bir hadisə üz vermişdir. Tez özümü içəri yetirdim. Gördüm aralıq çox məxşuşdur. Uşaqlar hərəsi bir küncə sıxılıb ağlayırlar. Bibim qızı evin ortasında oturub qışqırır, qayınatam Quranın ağzını açıb bütün imamları və həddən artıq həzrət Abbası çağırır. Bir nəfər də rus arvadı evin o küncündən bu küncünə, bu küncündən o küncünə qaçıb əllərini öpür. Mən duruxdum. Ancaq çox keçməmiş məsələ aydınlaşdı. Bəlli oldu ki, bibim qızı nəhs kimi küçənin yarısında başlayıb ki, doğuram. Əri deyib, arvad, bu gecə vaxtı sənin üçün həkimi hardan tapaq, mama haradan tapaq və tapsaq da bu palçıqda haradan gətirək. Yat, sabah doğarsan. Arvad razı olmuyub. O deyib, bu deyib. Axırda kişi hövsələdən çıxıb, əl atıb lapatkanın sapına... Ancaq yaxşı ki, lapatkası yoxuymuş. Arvada bir... iki... aləm qarışıb bir-birinə. Bizim arvad da vəziyyəti böylə görüncə boğaz arvadı gətirib evimizə. Qonşumuzdakı Sərfinaz xala gəlib başlayıb işə. Ha çalışıb-vuruşub, uşaq olmayıb ki, olmayıb. Axırda görüblər ki, arvad tələf olacaq, istər-istəməz qayınatam dayımın uzunboğaz çəkmələrini geyib enir şəhərə. Bir mama tapıb ötürür faytona. Şura küçəsində faytonçu bunları düşürür. Çünki ondan yuxarı on minlərcə işçi yaşasa da, küçə yolu yoxdur... Şura küçəsilə yeni çəkilmiş tramvayla fırtınadan salamat gəlirlər. Oradan yuxarı düşürlər dərə-təpəyə, hopbana- hopbana gəlirlər. Axırda Səlyan küçəsinin tinində mama keçə bilmir. Qayınatam mamanın çamadanını alıb dalına, özünü də çəkməcorabı batmasın deyə alır qoltuğuna. Ancaq küçənin ortasında palçığa ilişir qalır ki, bu yerdə də mən onlara rast gəlmişəmmiş. Nə isə, qayınatam yıxılır. Mama da özü aşır. Mamanın çəkməsi, corabı palçıqda qalır. Qayınatamın da ombası burxulur. Çamadan da düşür. Evə gələndə məlum olur ki, lantset, pinset və bütün karəsti hamısı dağılıb, çamadan da palçıq ilə dolmuşdur. Indi də uşaq çəp gəlib. Həkim lazımdır. Mama döyür başına. Heç kəs də qorxudan gedə bilmir. Odur ki, qayınatam həkim dalınca getməkdənsə, Quran dalınca getməyi daha münasib görmüşdür. Içəri girən kimi qulbeçəniz ağlaya-ağlaya yanıma qaçdı. Ev yiyəsi də axsaya-axsaya yanıma gəlib iki kağız verdi ki, ay başına dönüm bu kağızlar çastdan gəlib. Bir gör nə istəyir. Bu qoca dul arvad öz əlləri ilə palçıqdan kərpic basıb üç dənə otaq kimi tikə bilmişdir ki, onun da ikisini bizə verib, birinə də özü sığınmışdır. Ev ortağa belə 250 manata başa gəlmişdir. Kağızlara baxdım, gördüm arvadı qarovul pulu vermədiyi üçün 28 manat, zibilpulu da vermədiyi üçün 5 manat cərimə etmişdir. Arvad eşidəndə yazığın rəngi qaçdı. Mən arvada nə isə demək istəyirdim ki, nənəm əlində iki boş kisə içəri girdi. Kisələr yenə yadıma düşdü. Lap daha özümdən çıxmışdım ki, arvad sözə qatışıb bu sirri açdı. Bilirsinizmi kisədəki nə imiş? Kisədəki zibil imiş. Zibil arabası zibil aparmadığından gecələr kişilər, arvadlar zibili kisəyə doldurub, bu onun qapısına tökür, o bunun qapısına. Nənəm də zibili dul arvad üçün “pay” daşıyırmış. Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı yenidən çıxarıb qoyum qabağıma və əməlli-başlı bir düşünüm. Birdən əlim süstlədi və gücsüz yanıma düşdü. Baxdım... Papaq düşmüşdü. * * * Gülər (Xatirat dəftərindən fraqmentlər) – Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim. Rejissor razı oldu. Şəhərə düşdük. Şəkildə çəkilməyə razı olan qızlar gözəl deyildi. Az-çox gözəl olan qızlar da razı olmurdu, daha doğrusu onları qoymurdular. Bizə bir adres verdilər, “orada gözəl bir qız yaşayır”, – dedilər. Getdik. Qapını döydük. Açdılar. Bu, mənim Gülər ilə ilk görüşüm idi. Ilk baxışda mənim diqqətimi özünə topladı. Bu, demək olar ki, faciəmizin başlanğıcı idi. O zamanlar Gülər 16-17 yaşlarında idi. Gülər ortaboylu, incə və zərif yapılışlı bir qız idi. Daima qurnazcasına gülümsəyən iri, mavi gözləri vardı. Qısa, qıvrıq saçlarını açıq, ağ çiyinlərinə səpərək, qapı ağzında dayanmış və nazik al dodaqlarını bizə dikərək, bir kəlmə belə danışmadan baxırdı. Yoldaşım köhnə kino işçisi idi. O, gözlərini Gülərdən ayırmayaraq: – Biz Məryəm xanımı görmək istəyirik, – dedi. Gülər gülümsədi. – Bu saat, – deyə başının hərəkəti ilə qıvrıq saçlarını çiyinlərinə ataraq, cəld bir hərəkətlə döndü və qapı ağzında görünməz oldu. Yoldaşım bir sorğu ilə mənim üzümə baxır, fikrimi bilmək istəyirdi. Gözəl deyə yalvardığımız və rədd cavabı aldığımız qızlara nisbətdə Gülər, insafən, ən gözəl qız idi. Biz indi qapı ağzında Gülərin simasını, gülüşünü və yerişini müzakirə edərək, Məryəm xanımı gözləyirdik. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. Ardınca hündürboylu, incə vücudlu, sarıbənizli bir qız gəlirdi. Bu, Məryəm xanım idi. Məryəm xanım da yaman deyildi. Məryəm xanım dalğın gözlərini bizə dikib, gəlişimizin səbəbini bilmək istəyir. Gülər isə daim səbəbsiz gülümsəyən iri gözlərini gah bizə, gah Məryəm xanıma çevirib, işin sonunu gözləyirdi. – Bizə kinoda çəkilmək üçün sizi nişan vermişlər. Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, – dedim. Məryəm xanımın çatılmış qara qaşları ayrıldı, gülümsədi və heç da acıqlanmadı. Bəlkə bir az da xoşlanmış kimi görünürdü. Ikicə gün vaxtımız var idi. 60 adam dayanıb, azərbaycanlı qızı gözləyirdi. Mənim ürəyim dumanlı bir ümidlə döyünürdü. Biz səbirsizliklə cavab gözləyirdik. Gülərin qaşları tərsinə olaraq çatıldı, gülümsər gözləri, nədənsə, parladı. O, cavab gözləyirmiş kimi, əvvəlcə Məryəm xanıma, sonra da öz boğazına, mərmər kimi ağ köksünə və sonra da şümşad kimi dümdüz ayaqlarına baxdı. Mənə elə gəlirdi ki, o öz gözəlliyini təhqir edilmiş hesab edirdi. Doğrusuna gələrsək, o Məryəm xanımdan daha gözəl idi. Nə üçün ona deməyirlər, Məryəm xanıma deyirlər? – Vallah, mən... bilmirəm necə yəni kino... axtarsanız... yəni, doğrusu, mən özüm bir söz deyə bilmərəm. Zəhmət çəkib durun, atama deyim... sonra sizə deyərəm, – deyə Məryəm xanım tez içəri keçdi. Gülər dinməz dayanıb, dalğın gözlərini ayaqlarından ayırmırdı. Birdən cəld bir hərəkətlə başını qaldırdı, üzünə tökülmüş qıvrıq saçlarını başının hərəkəti ilə kürəklərinə atdı və iri mavi gözlərini qaldıraraq: – Məni də götürəsiniz, olmazmı? – dedi və eyni zamanda yanaqları utancaqlıqdan qanla doldu. Nazik dodaqları nar giləsi kimi allıqdan yanır, gözləri isə əvvəlki kimi gülümsəyirdi. Tam bu aralıq Məryəm xanım içəridən gəldi. Onun üzündə, gözlərində yenə bir dalğınlıq vardı. – Ata evdə yoxdur, axşam soruşaram, sabah gələrsiniz, hər nə deyərsə, sizə deyərəm. Ya istərsəniz, özü ilə danışarsınız, – dedi və başını aşağı salaraq dayandı. Gülər bütün boyu ilə yüksəldi. Indi onda bir qətiyyət və bir vüqar duyulurdu. – Istərsəniz mən gələrəm. Mən məktəbdə də xırda səhnəciklərdə oynamışam, – dedi, – o gəlməzsə, mən gələrəm, – deyə əlavə etdi və gülümsər gözlərini Məryəmdən qaçıraraq, cavab gözləyirmiş kimi, mənə dikdi. – Yaxşı, sizi buraxarlarmı? Bəlkə sizin də atanız razı olmadı? – deyə mən soruşdum. – Mənim atam yoxdur. Bircə anam var, bir də ki, sabah gələrsiniz, onlara deyərsiniz, sonra haraya istərsəniz, gedərəm. Evlərinin adresini söylədi. – Çox gözəl, – dedim, – sabah yəqin gələrik. Ayrıldıq. Böyük bir sevinclə səkiləri ölçərək, fabrikə çatdıq. – Qız var, – deyə yoldaşım guruldayırdı, – sabah hazırdır! Bütün fabrik sevinirdi. Mən sevincimdən gecəni yatmadım. * * * Səhər tezdən yoldaşım gəldi. Birbaş Məryəm xanımgilə yollandıq. Qapını döydük, açan olmadı. Hayladıq, cavab çıxmadı. Yoldaşımın burnu və dodağı bir qədər sallanmışdı. Mən isə ona təsəlli verməyə çalışırdım: – Sən heç məyus olma. Gülər ondan daha gözəldir, özü də xalis nəqd. Gedək aparaq çəkilsin, qurtardı getdi. Yoldaşım bütün yolu dalğın addımlarla gedib, bir kəlmə də danışmırdı. Mən isə, arxam Gülərə bağlı olduğundan, heç ruhdan düşmürdüm. Qapını döydük. Gülər qapını açdı. Gözləri gülür, üzü əvvəlki kimi yumşaq və mehriban idi. – Buyurun, buyurun... – deyə qapıdan çəkilib yol verdi. Mən Gülərin belə şən olduğunu görüncə, sevincimdən qanad çalıb uçmaq istəyirdim. Bir də üzünə diqqətlə baxdım. O, dünənkindən daha gözəl görünürdü. Içəri girdik. Bizi 28 yaşlarında hündürboylu gənc bir oğlan qarşıladı. Yumşaq hərəkətli, siması və bütün görünüşü onun bir ziyalı olduğunu göstərirdi. Paltarı isə, tərsinə olaraq, işçi paltarı idi. Əynində ağır yarımpalto, ayaqlarında isə həddindən böyük və kobud uzunboğaz çəkmə vardı. – Tanış olun, – deyə Gülər əli ilə gənci göstərdi. Gənc isə özünü düzəldib, bir nəvazişlə əlini uzadaraq: – Kamal, – deyə tanışlıq verdi və eyni nəzakət və nəvazişlə: – Buyurun, oturun, – dedi. Oturduq. Kamal özü də stolun o biri başında bizimlə üzbəüz oturdu və bizi dinləyirmiş kimi, bir vəziyyət aldı. Aranı bir sükut sardı. Məni, Kamalın hərəkət və rəftarı ilə paltarı arasındakı təzad bir qədər düşündürdü. – Siz nə buyururdunuz? – deyə Kamal sükutu pozdu. Onun da gözlərində və bütün üzündə bir təbəssüm vardı. Ancaq, nədənsə, gözlərindəki təbəssümün içərisindən anlaşılmaz bir kölgə sürüşür, dodaqlarının bürüşüyündə itirdi. Həlim və yumşaq səsində soyuq bir səmimiyyət duyulurdu. Gülər stoldan bir az uzaqda dinməz və danışmaz oturub baxırdı. Artıq onun da daim gülümsər gözündə bir rahatsızlıq çırpındığını görmək çətin deyildi. Kamal onun qardaşımı? Ya nişanlısımı? Mən bilmirdim. Ancaq orasını bilirdim ki, Kamal bu evdə qəti bir səsə və hakimiyyət haqqına malikdir. Onun qərarı qəti olacaqdır. Mən sözü haradan və nə sayaq başlayacağımı bilmirdim. Birdən Rus-Yapon müharibəsindən başladım. Balkan müharibəsinə, oradan Cahan müharibəsinə, Fevral inqilabına, Oktyabr inqilabına, Aprel inqilabına, proletar incəsənətinə, səhnənin və kinonun əhəmiyyətinə, azərbaycanlı qızların səhnədə iştirakının lazım olduğuna gəldim və nəhayət, gəlişimizin əsl səbəbini izah etdim. Kamal məni böyük bir diqqətlə dinləyir və sözlərimin ən canlı yerlərində: “Bəli, bəli, elədir”, – deyə başının ciddi bir hərəkəti ilə təsdiq edirdi. Onun bu təsdiqi məni daha da ruhlandırır və daha həvəslə danışmağa sövq edirdi. – Bizim səhnə və kinomuzun azərbaycanlı qızlara ehtiyacı vardır. Odur ki, biz də Gülər xanımı kinoya dəvət etmək üçün gəlmişik, – deyə sözümü bitirdim. Gülər iri gözlərini qaldırıb, mənə baxdı və nədənsə, yenidən gözlərini endirdi. Kamal bir papiros yandırdı və sakit bir səslə danışmağa başladı: – Bilirsiniz, sizin dedikləriniz doğrudur, əlbəttə, başqa xalqlar öz səhnələrində iştirak etdikləri kimi, bizim də qızlarımız etməlidirlər. Ancaq onların mühiti ilə bizim mühitimiz arasında bir fərq vardır. Mənim heç bir sözüm yoxdur, mən məmnuniyyətlə razı olaram. Mənim atam maarifpərvər bir adam olmuşdur. – Kamal barmağı ilə divardakı bir fotonu göstərdi. Mən biixtiyar şəklə baxdım. Bahalı bir çərçivədə 50 yaşlarında gözəl, ziyalı paltarı geyinmiş bir kişi şəkli vardı. – Anam 25 il bundan əvvəl çadrasız gəzmiş və qadınlar arasında maarif yaymışdır. Ona görə də mən belə bir mədəni iş əleyhinə ola bilmərəm. Ancaq indi məsələ ondadır ki, qadınları biz zorla bir işə məcbur edə bilmərik və mənim razılığım bir qanun ola bilməz. Mən özüm, təkrar edirəm ki, məmnuniyyətlə razıyam. Ancaq mühitimiz elədir ki, Gülər özü buna razı olmaz. Beləliklə, bu iş təəssüf ki, baş tuta bilməyəcəkdir. Mən istəməyərək, gülümsəyib Gülərə baxdım. Gülər başını aşağa salmış, gözlərini yerə dikmişdi. – Siz bizə kömək etsəniz, mən zənn edirəm, biz Gülər xanımı da razı edə bilərik, – dedim. – Xeyr, razı olmaz. Mən çox yaxşı bilirəm. Razı olarsa, mən sizdən daha artıq məmnun olaram. Ancaq bilirəm ki, razı olmaz. Mən Gülərin çoxdan razı olduğunu bilib, onu ələ vermək istəmirdim. Ancaq nə edəcəyimi bilmirdim. – Hər halda siz bizə köməyinizi vəd edin... – Mən kömək etməyə hazıram, ancaq vəziyyət elədir ki, Gülər razı ola bilməz, istərsəniz, özündən soruşun, özü sizə desin. Mən Gülərə baxdım. O, hərəkətsiz oturmuş, gözlərini qırpımsız baxışlarla ayaqlarına dikmişdi. Kamal məni elə vəziyyətdə qoymuşdu ki, mən Gülərdən şəxsən soruşmağı münasib görmürdüm. Kamal mənim vəziyyətimi asanlaşdırdı və üzünü Gülərə tutaraq, olduqca həlim və gülərüzlə: – Gülər, – dedi, – bu yoldaşlar səni kinoya dəvət edirlər. Mənim bir sözüm yoxdur, sən necə, razısanmı? Özün de ki, yoldaşlar özləri eşitsinlər. Gülər əvvəlki kimi hərəkətsiz oturmuşdu. Kamal çəkmələrinin uclarını əsəbi hərəkətlə evin döşəməsinə döyürdü. Gülər cavab vermirdi. Mülayim bir baxışla ona baxan Kamal, birdən qaşlarını çatdı, baxışları itiləndi, bu baxışdan vəziyyətini anlamaq çətin deyildi. O, Gülərin tərəddüdsüz cavab verəcəyini gözləyirdi. Lakin Kamal tez özünü ələ aldı və yenidən gülümsəyib, daha yumşaq bir səslə: – Gülər, – dedi, – utanmaq lazım deyil, səni zorla aparmağa və göndərməyə kimsənin ixtiyarı yoxdur, razısan, ya razı deyilsən, özün de, qoy bu yoldaşlar da öz təkliflərini bilsinlər. Hər üçümüz bir intizarla Gülərə baxır, cavab gözləyirdik. Gülər isə dinməz və hərəkətsiz oturmuşdu. Kamal yenidən əsəbiləşmiş, qaşları yenidən çatılmışdı. Nəhayət, Gülər yenidən başını qaldırdı. Zəif bir hərəkətlə qıvrıq saçlarını kürəklərinə atdı, iri mavi gözlərini qaldırdı. Ilk əvvəl Kamala baxdı. Onun çatılmış qaşlarını və iti baxışlarını görüncə, tez gözlərini döndərdi. Mən onun baxışlarını tutdum. Gülərin üzü qızarmış, incə dodaqları titrəyirdi. O məndən utanmış kimi, tez gözlərini qaçırtdı, yenidən başını aşağı salıb, baxışlarını yerə dikdi və bir kəlmə də danışmadı. Mən bilirdim ki, Gülər getmək istəyir, ancaq razılıq verməyə cəsarət etmir. Mən onu vəziyyətdən çıxarmaq üçün: – Susmaq – razılıq əlamətidir, – deyə yarıdoğru, yarızarafat qeyd etdim. Bunu Kamal özü də görür və hiss edirdi. Odur ki, bu dəqiqədən etibarən onun çatılmış qaşları sona qədər bir daha açılmadı. Üzü adi mülayimliyini itirdi, soyuq və əsəbi bir səmimiyyətlə pərdələndi. Ancaq yenə də özünü sakit göstərməyə çalışırdı: – Orası elədir, biz ikimiz də razıyıq. Ancaq onun da razılığı kafi deyildir. Çünki mənim anam vardır. Qoca arvaddır, daş atar, başını tutar. Boğazına kəndir də salsalar, razı olmaz, – dedi və qaşlarını elə çatdı ki, guya bu işdən artıq bir şey çıxmayacağına özü də təəssüf etdi. Kamal udqundu, duruxdu, tutuldu, düşündü. Mən açıq görürdüm ki, o, bəhanə axtarır. Nəhayət, çiyinləri yavaşcadan atıldı. Mən anladım ki, o çıxış yolu tapmışdır. Kamal yapma bir görünüşlə gülümsədi. Bilirmisiniz, anası razı olsa da, yenə başqa bir anası da vardır. O, razı olmaz. Indi artıq mən özüm duruxdum. Necə yəni ikinci anası? Bəzən adamın 2-3 və daha çox anası ola bilər. Kimsə deyə bilməz ki, filankəs mütləq mənim atamdır. Işin burasını ancaq anası bilər. Ancaq adamın bir neçə anası olacağını mən təsəvvür etmirdim. Birdən ağlıma bir şey gəldi. Kamal ikinci ana öz anasına demiş olmasın? Gülər başını aşağı salmış, qıvrıq saçları ağ köksünə tökülmüşdü. Kamal çəkmələrinin uclarını evin döşəməsinə döyüb, özü də nə etdiyini bilmirdi. – Siz axı özünüz dediniz ki, ananız maarifpərvər bir qadındır. Hətta 25 il bundan əvvəl maarif və tərəqqi yolunda çalışmağa atılmışdır. Belə mədəni bir qadın belə mədəni bir işin əleyhinə ola bilərmi? Kamal yenə də udqundu. Öz sözü ilə özü tutulmuşdu. Nəhayət, özünü toplayıb, soyuq bir deyişlə: – Yox, axı, anam da tək deyildir. O razı olsa, başqaları razı olmaz. Mənim nənəm eşitsə, dünyanı dağıdar. Siz sonra gəlin onu başa salın. Bizlik olsa, bir şey deyil; ancaq qohum var, əqrəba var... Yox, bu işdən hər halda, bir şey çıxmaz. Artıq mən müvazinətimi itirdim. Bir rentgen kimi Kamalın varlığını işıqlandırmış və hər bir iliyini ayrılıqda görürdüm. Artıq mən heç şübhə etmirdim ki, Kamal Gülərin nişanlısıdır. Mən bilirdim ki, Gülər ondan bilikcə də, dəyərcə də yüksəkdir. Mən ancaq Kamalın gərək danışığında, gərəksə hərəkətindəki ustalığa heyrət edirdim. O, istədiyi dəqiqədə özünü ələ ala bilir, istədiyi vəziyyətə gətirə bilirdi. – Nənənizin neçə yaşı var? – Nə bilim, 70-80... Indi gəlin onu başa salın. Odur ki, deyirəm, dərdin yarısını bilirsiniz, yarısını yox, – deyə Kamal böyük bir ustalıqla sözünü sona vardırdı. Artıq mən öz-özümü ələ ala bilmirdim. – Yetmiş-həşdad, çox yaşasa doxsan. O, artıq ölüdür, meyitdir. Gülər isə ancaq indi-indi yeni həyat üçün ayaq açır, siz isə onun yürüş yollarını meyitlərlə doldurmaq istəyirsiniz. Bibim, xalam, nənəm... Ancaq sənin bu cəsədlərdən, meyitlərdən tikdiyin bu hasar bizim yüksəliş yolumuzu kəsə bilməz. Bu gün deyilsə, sabah Gülər bu hasarı sökəcək, bu cəsədlərin üzərindən atılıb, yeni bir həyata keçəcəkdir, – dedim. Mən yaman qızışmışdım. Kamal da öz müvazinətini itirmişdi. Gülər ara-sıra iri gözlərini qaldırıb mənə baxır, yenə də baxışlarını məndən qaçırıb, yerə dikirdi. Artıq onun al yanaqları saralmış, dodaqlarının rəngi qaçmışdı. Bütün bədəni bir yarpaq kimi əsirdi. – Bilirsən, yoldaş, nə var? – deyə Kamal sərt bir deyişlə sözümü kəsdi: – Uzun danışmaq lazım deyil. Mən özüm firqəçiyəm, özüm də raboçi, bu da mənim çəkmələrim... – Burada Kamal sağ ayağının zorba çəkməsini qaldırıb, stol üstünə qoydu və Güləri göstərərək: – Bu mənim nişanlımdır, – dedi. – Mən öz arvadımı nə səhnəyə, nə kinoya, nə də başqa-başqa yerlərə buraxmaram, vəssalam, şüdtamam, qurtardı getdi. Kamal sözünü elə bir qətiyyətlə dedi ki, artıq danışmağa imkan qalmamışdı. Özü də sərt bir hərəkətlə ayağa durdu. Bu o deməkdi ki, məsələ bitmiş, qapı açıqdır, buyura bilərsiniz. Istər-istəməz biz də qalxdıq. Ancaq Gülər əvvəlki kimi oturmuş və hərəkətsiz yerində qalmışdı. Mən son gedişdə onun üzünə baxdım. O yenə əvvəlki kimi titrəyir, yenə də xəzəl kimi sapsarı saralmışdı, solğun dodaqlarını gəmirirdi. Lakin o yenə də gözəldi. Belə əsəbilik ona bir az da yaraşırdı. Onun istəyini qırdılar. Onun bacarığını öldürdülər. Onu canlı həyatdan, vuruş səhnəsindən qaytarıb, dörd divar arasına qapadılar... Öldürdülər... Gülər son gedişdə gözlərini qaldırdı. Üzr istəyirmiş kimi, mənə baxdı. Mən onun baxışlarını tutdum. O isə utandığından uzun qara kirpiklərini endirib, iri gözlərinin mavi bəbəklərini örtdü. Sakit yay yağışı kimi gözündən qopan göz yaşları almaz daşları kimi yanaqlarından yuvarlanıb, ağ köksünə düşürdü... O yenə də gözəldi. Mən onu belə bir görüşdə obyektiv qarşısında saxlaya bilsəydim, adı bütün dünyada dildən-dilə gəzə bilərdi. Indi o artıq ölmüş, çürümüş sümüklərə, cənazələrə qoşulmuşdu. O bu vəziyyətdə də gözəldi. Ayrıldıq. Mən yolu gedərkən düşünürdüm: “Kimsəyə işıq verməyən günəş, kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır?” * * * Firuzə O, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı. Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim. Firuzə son kursda idi. Amma bu dörd ildə onun kim olduğunu öyrənə bilməmişdim. Bir gün məni qalereyada saxlayaraq, rəngdənrəngə girən üzü, xəfif-xəfif əsən incə dodaqları və şirin dili ilə: – Bağışlayın, doktor, sizdən bir ricam var, – deyərkən, mən çox təəccüb etdim. – Mən bütün bu praktiki işlərə davam edirəm, qızdırma ilə mübarizə aparmaq üçün rayonda olmuşam. Mən sizdən rica etmək istəyirəm, əgər mümkünsə... O öz fikrini ifadə edə bilmədi, dili dolaşdı, qızardı. Mən bilaixtiyar gülümsədim. – De görüm, Firuzə, utanma, de görüm nə istəyirsən? – deyə soruşdum. O yenə gözünü açdı, diqqətlə mənə baxdı və yavaşca: – Doktor, mən sizinlə bir yerdə işləmək istəyirəm. Xəstələrə baxarkən, yanınızda olmaq istəyirəm, sizdən öyrənmək istəyirəm, vaxt taparam, vaxt taparam, – dedi. Ertəsi gün müəyyən saatda ağ xalatda gəldi: Qəbuldan sonra Firuzə kabineti nizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı. Qapının zəngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl əsgər şinelli bir kişi dururdu. Çox həyəcanlı və rahatsız görünürdü. O içəri girdi. Diqqətlə baxdım, çox çətinliklə tanıdım. Gələn neft işçisi idi. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim, hətta xəstələri qəbul saatlarından kənar qəbul etmədiyim üçün, haqqımda qəzetə məktub da yazmışdı. Çox səliqə ilə görüşdü və təklif üzrə oturduqdan sonra, xəfifcə gülümsəyərək: – Məni tanımırsınız, doktor? – dedi, – vaxtilə mən sizi qəzetə vurmuşdum, – sonra xoş bir təbəssümlə: – Sizdən yardım almağa gəlmişəm, – deyə əlavə etdi. – Siz yenə xəstəsinizmi? – deyə soruşdum. – Yox, doktor, mən azmışam. – Necə yəni azmışam? – Evimizi itirmişəm. Mən diqqətlə ona baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Onu müayinəyə cəsarət etmirdim, çünki özü bunu təklif etmirdi. Üzündə bir həyəcan vardı. – Çox qəribədir, doktor, evimizi itirmişəm. “Bəlkə beyninin bir hissəsi zədələnmişdir?” – deyə düşündüm və eyni zamanda: – Evinizin yerini unutmuşsunuz? – deyə soruşdum. – Yox, – deyə Məmməd tez cavab verdi. – Mən 20 il, yəni anadan olandan Bakıda yaşamışam. Bakının hər bir küçəsinə, hər bir döngəsinə hər bir dalanına bələdəm. Çox yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir otaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dolu olardı. Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. – O, həyəcanla danışırdı, getdikcə daha da coşur və uşaqlıq xatirələrinə dalırdı. – Mən o zaman uşaqdım. Yaxşı yadımdadır, bir suçumuz vardı. Bir eşşəkdə, dörd səhənglə bizə su daşıyırdı. Yaxşıca yadımdadır ki, bir gün, anam yüklərin hesabına saxlamaq üçün ona pətə verdikdə, o anamın əlini tutdu, anam o vaxt hələ gəncdi, suçu anamın əlini xeyli saxladı; anam nədənsə gözlərini qaldırıb ona baxdı və məni göstərdi. Yadımdadır, böyük, köhnə qəbiristanın o biri tərəfi boş bir çöl idi, orada Şah Abbasın ovdanı vardı. Yağış suyu bu ovdana axırdı. Pillə ilə oraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular. Atam isə bir neçə pud arpa məhsulu almaq üçün, qoca yabı ilə xışın ucundan yapışıb yer sürürdü. O, kənkan idi, amma acından ölməmək üçün arpa əkirdi. Laboratoriyadan Firuzənin səsi eşidildi. O, xoş bir səslə, adəti üzrə, qədim bir Azərbaycan mahnısı oxuyurdu: Qızıl toplayardı yerin qatından, Əzizim qazmaçı, böyük qəhrəman. Qara qan çəkərdi yerin qatından Torpağın bağrını burub dələrdi; Çılğın təbiətə qalib gələrdi. – Oxuyan kimdir? – deyə o birdən soruşdu və gözlərini mənə dikdi. Fikrini dağıtmaq üçün laqeyd bir halda: – Qızımdır, – deyə cavab verdim. – Yaxşı səsi var, – deyə müsahibim azacıq qalxdı, papiros çıxartdı və dərindən köksünü ötürərək, öz-özünə danışırmış kimi: – O da tez-tez belə oxuyardı, – dedi. – Gözləri daha da dumanlandı, daha dərin bir xəyalata daldı. Mən dinməzcə ona diqqət edirdim. – Bəli, doktor, hamısı yadımdadır. Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında oturdum, o isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. O sapsarı saralmışdı. Xozeyin qaş-qabağını tökərək: – Nə üçün çıxdın? – deyə soruşdu. – Olmur, ağa, qaz adamı boğur, quyunun dibində bir şey guruldayır. Sonra fantan vurar, öldürər. Ağa əllərini ölçərək acıqlandı: – Bir ildir işləyirsən, bir aləm pul qoymuşam. Indi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər? Ağa atama yanaşıb, üzünə şart bir şillə vurdu... – Ağa, qorxuludur, mənim uşaqlarım var... O mənə tərəf baxdı. Gözlərimiz bir-birinə sataşdı. O, sanki gözlərimə baxmağa utanırdı, mənim yanımda vurulduğu üçün utanırdı. Mən onu həmişə hamıdan qüvvətli və qoçaq hesab edirdim. O tez gözlərini məndən çəkdi. Mən artıq ağlamırdım. Məndə bu zalım adama qarşı bir nifrət qaynayırdı. Ağa mənə yanaşdı və atamı vurduğu əli ilə başımı tumarladı, cibindən kağız pullar çıxarıb mənə uzatdı. Sonra bildim ki, bunların hərəsi on manatlıqdır. Sonra o, atama dedi: – Məşəd Əli, gir quyuya! Qorxma, gör yaxınlıqda nə qədər quyu var, Allah qoysa neft çıxar, sənin üçün papaqlıq, arvadın üçün tumanlıq, oğlun üçün də, – yalın ayaqlarımı göstərərək, – başmaq və köynək alaram. Atam sanki tərəddüd edirdi. Ağa onu yavaş-yavaş tovladı və mənə iki kağız pul da uzatdı. Atam gülümsədi. Könülsüz halda mənə yaxınlaşdı. Pulları əlimdən alıb köhnə arxalığımın balaca cibinə qoydu, gözlərimin yaşını sildi, köhnə dəsmaldakı bağlamanı açıb mənə bir parça çörək verdi, gözlərimdən öpdü, əlini çal saqqalına çəkib dua oxudu və çarxın kəndirini açıb, yenə də quyuya düşdü. Mən acdım, amma yeyə bilmirdim... Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi. Müsahibim yenə yerindən sıçradı və: – Oxuyan kimdir? Hə, dediniz, qızınızdır, – deyə yenə dərindən köksünü ötürdü. Firuzə oxuyurdu: Əzizim, bir Qorxmaz adlı qəhrəman Qara qan çəkərdi yerin qatından; Torpağın bağrını vurub dələrdi, Çılğın təbiətə qalib gələrdi. Mən ona yanaşdım və xəstəliyinə şübhə etdiyimi sezdirməmək üçün gülümsəyərək: – Hə atanız sonra necə oldu? O indi sağdırmı? – deyə soruşdum. – Yox... O... Onu hissiz bir halda çəkib çıxartdılar. Mən ona tərəf yüyürdüm. Gözləri açıqdı, amma üzü, xüsusən dodaqları gömgöy, dəniz kimi idi. Ağa kədərli bir əda ilə: – Öldü, – dedi. Birdən quyu guruldadı, qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sovurdu. – Ay can! – deyə ağa sevinərək, meyitdən uzaqlaşdı. Məni işçilər kənara çəkdilər. Tez qoyun kəsdilər. Ağa əmrlər verməyə başladı. Mən isə neft selləri altında yatan atamın yanına can atırdım. Işçilər mane olurdular. Nəhayət, ağanın əmri ilə işçilər atamın ayaqlarındın yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qoyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evimizə gətirdilər. Nəbzini yoxlarkən, məqsədimi anlayan Məmməd birdən sözünü kəsərək: – Doktor, əbəs yerə zəhmət çəkirsiniz. Mən qətiyyən xəstə deyiləm, – dedi, – mən xəstə deyiləm, ağlım da özümdədir. Görürsünüz ki, hər şey yadımdadır, qapımızdan bir rus qadını keçirdi, əlində bir dəstə çiçək vardı. O bu çiçəkləri qəbiristana aparırdı. Onun qarşısına yüyürdüm. – Çiçəyin birini mənə ver, – dedim. Qadın mənə baxdı və iki çiçək verdi. O çiçəkləri alıb qəbiristana yüyürdüm və atamın qəbri üstünə qoydum. Sonra yaş torpaq üzərində uzanaraq, kiçik üzümü qəbirə dayadım. Soyuq torpağı isti göz yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının küləyi sümüklərimə işləyirdi. Bütün bədənim titrəyirdi. Bundan sonra xəstələndim və üç ay yatdım. Doktor, bəlkə mən sizə mane oluram! – dedi. – Yox, əksinə, mən sizin söhbətinizdən çox maraqlanıram, – deyə tez cavab verdim. – Mən azmışam, daxmamızı və bütün rayonumuzu itirmişəm. Qapıda sizin adınızı oxuyub, vaxtilə müalicə etdirdiyim köhnə bir dost kimi bəzi şeylər öyrənmək üçün yanınıza gəldim. – Axı necə oldu ki, belə sağlam və qüvvətli bir adam olduğunuz halda, birdən adınızı və evinizin yerini itirdiniz? – Mən evimizin yerini itirməmişəm, yerini tanıyıram, buna heç şübhə ola bilməz, ancaq iş orasındadır ki, evimiz öz yerində yoxdur. Qonşu evlər də yoxdur, rayonumuz da yoxdur. – Evdən nə zaman çıxmışdınız? – Mənim Bakıdan çıxdığım altı ildir. Dünən gəlmişəm. Vağzaldan birbaşa evimizə tərəf getdim, ancaq evimizi yerində tapmadım. Bizim həmişə tozlutorpaqlı, qışda isə boğaza qədər palçıq olan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından o başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni doldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dolu olan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Adamlar da dəyişən kimi olmuşdu. Əbədi yas və təziyə təsiri buraxan qara çadralara bürünmüş yekrəng insan kölgələri əvəzinə, küçədə indi məsud gəncliyin xoş qəhqəhələri yüksəlirdi. – Hə, demək sizin evinizin yerində küçə salınmışdır? – Necə yəni bizim evimizin yerində? Bəs qonşuların evləri? Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yox olmuşdur. Mən şaşıb qaldım. Qəbiristana getmək üçün təpəyə qalxdım. Yolu çox yaxşı xatırlayırdım. Amma nə fayda ki, qoca qəbiristandan onun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. Lakin tapmadım. O dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtobusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yol gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ olmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çıxarmışdır. Mən vağzala dönməli oldum... – Bu gördüklərin pis şeymidir? – Demirəm ki, pisdir. Axı bəs ailəm, qoca anam necə oldu? Qoca, avam, savadsız və köməksiz qadın hara pənah apara bilər? Bəs kiçik bacım, arvadım? – Sizin burada arvadınız qalmışdımı? Müsahibimin rəngi birdən dəyişdi. O, dərin bir ah çəkib: – Atam öləndən sonra, – deyə cavab verdi, – anam evlərdə paltar yumağa başladı, qəpik-quruşla aclıq içərisində yaşadıq, soyuq qışları ac və çılpaq keçirdik. Aprel inqilabından sonra küçədə mənə bir kişi rast gəldi. Bu kişi, vaxtilə məni qara neft selindən kənara çəkən və atamın meyitini evimizə gətirən işçi idi. Mənim işsiz olduğumu bilib dedi: – Oğlum, mən indi Azərneftdə buruq ustasıyam. Əgər işləmək istəyirsən, səni də özümlə aparım, bizə indi işçi çox lazımdır. Mən işə girdim və eyni zamanda fabzavuçda oxumağa başladım. Usta Səməd öz kiçik qızı və qoca arvadı ilə bizim küçəyə köçdü. Qızı qaraqaş, qaragöz, mənim nəzərimdə gözəl bir qızdı. Əli Bayramov klubunda işləyir və orada oxuyurdu. Biz dostlaşdıq. Mən onu sevdim, o məni. Usta Səməd çox yaxşı kişi idi. Mən onun əlaltısı idim. Buna baxmayaraq, o razı oldu. Pul toplayıb, güclə iki dəst paltar aldım və anamın yeganə qaşlı qızıl üzüyünü də üstünə qoyub evləndim. Bir neçə aydan sonra məni oxumağa göndərdilər. Mən bir çox şəhərləri, Moskvanı və Leninqradı gəzib, sonra könüllü olaraq Uzaq Şərq Ordusuna yazıldım. Bundan sonra daha onu bir də görmədim. Bəli, doktor, o məni sevirdi, mən də onu. Bir müddət məktublaşdıq, bir-birimizə aşiqanə sözlər yazdıq, amma birdən onun məktubu kəsildi. Səbəbini bilmədim və beləliklə onunla əlaqəm kəsildi. Ancaq bu yaxınlarda bir yoldaşım mənə yazmışdı ki, onu görüb, o sağdır və burada bir doktorla yaşayır. Bilirəm, onu yoxsulluq vadar edib, o məni səmimi olaraq ürəkdən sevirdi... Köməksiz arvad mənsiz nə edə bilərdi? – Çay gətirsinlər, – deyə zəngi basdım. Zəngin səsinə kimsə gəlmədi. Qonşu otaqdan Firuzənin səsi eşidildi: – Heç kəs yoxdur, doktor, bu gün Maşanın istirahət günüdür. Məmməd birdən yerindən sıçradı, bir şey xatırladı və heç bir şey soruşmadan oturdu. – Əgər siz öz evinizi itirmişsinizsə, qayınatanızı, usta Səmədi tapa bilərsiniz, – deyə söhbəti təzələmək üçün ona müraciət etdim. – Onun yanına mədənlərə getmişdim, buruqlarda axtardım, soruşdum. Indi mədənlər əvvəlki kimi deyil, 28-ci ilə nisbətən belə dəyişmişdir. Neftə bulaşmış adamlara çox çətin rast gəlmək olur. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kompressorların və ya motorların işini nizama salırlar. Köhnə, tozlu yollar, arabalar və droklar da yox olmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək olar ki, bütün mədənlərə tramvay və dar dəmiryol xətti çəkilmişdir. – Demək, usta Səmədi tapmadınız? – deyə səbirsizliklə soruşdum. – Yox tapmadım. Dedilər ki, o indi böyük bir ixtiraçıdır. Bir neçə ixtirası var, indi onu Amerikaya göndərmişlər ki, gedib oradakı neft sənayesi ilə tanış olsun. Bu xəbər məni, əlbəttə, sevindirdi. Düşündüm ki, bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı olmuş, Amerikaya getmişdir. – Arvadınızı da tapmadınız? – Yox, arvadım və balaca bacım haqqında kimsə bir şey bilmir. Arvadımın sağlığı haqqında yazmışdılar. Bacım isə yəqin ki, acından məhv olub getmişdir... – Siz indi tələbəsinizmi? – Bitirmişəm. Mən mühəndisəm, maşın inşaatı mühəndisi. Qapı döyüldü. – Girin, – dedim. Müsahibim papiros çəkməyə hazırlaşaraq, portsiqarını əlində tutmuşdu. Qapı açıldı. Firuzə ağ, təmiz doktor xalatında içəriyə girdi. – Alətləri şkafa qoyub bağladım. Gedirəm. Bu gün Aslan konservatoriyada çıxış edəcək. Mənim üçün bilet gətirmişdir. Indi Züleyxa da, Balaxanım xala da gələcək. Müsahibim Firuzəyə çox diqqətlə baxırdı. Lakin o hələ qızın yalnız arxasını görürdü. Buna baxmayaraq, Məmməd onu görmək və səsini eşitmək üçün sehrkar bir qüvvə ilə yerindən qalxır və boylanırdı. O, papirosu əlindən saldı və əyilib götürmək istərkən belə, Firuzədən gözlərini ayıra bilmədiyi üçün, əlindəki papirosları da dağıtdı. Züleyxa və Balaxanım adını eşidər-eşitməz papirosları yerə qoyub dikəldi. Mən ona diqqət edirdim. Mənə baxıb Firuzə də döndü və mənim baxdığım cəhətə baxdı. Müsahibim indi onu tamamilə görürdü. O, anlaşılmaz bir duyğu ilə titrəyirdi. Döş qəfəsi hava ilə dolu olduğu halda, nəfəs belə çəkmirdi. Kişilərə qarşı həmişə laqeyd olan Firuzə, nədənsə ona tərəf döndü. Mən onun da həyəcanlar keçirdiyini hiss etdim. Məmməd sözə başlarkən, mən onun üzünü görmürdüm. Gözüm Firuzədə idi. Mən yalnız Məmmədin yumşaq və həyəcandan titrəyən səsini eşitdim. O yalnız bir söz deyə bildi: – Firuzə! Ona baxarkən, mənə elə gəldi ki, bu saat Firuzənin üzərinə atılacaq, onu qucaqlayacaq və öpəcək. Bu hal mənə çox qəribə gəldi, çünki Firuzə də buna mail idi. Qız cəld mənə baxdı. Qara gözlərində qığılcım parlayırdı. Firuzə heç də onu qucaqlamaq istəyən bir gənc mühəndisdən uzaqlaşmaq fikrində deyildi. Gənc mühəndis onu qucaqlamaq üçün bir addım irəlilədi, lakin sonra, nədənsə, dayandı; rəngi qaçdı, od kimi yanan al yanaqları getdikcə ağarmağa başladı. Yanan gözlərinin parıltısı yox oldu, gözləri yarıya qədər yumuldu, dayandı və düşündü. Birdən Məmməd titrəyən dodaqları ilə: – Sən burada yaşayırsan? – Öz evimizdə yaşayıram, – deyə Firuzə həyəcanını zorlayaraq, cavab verdi. Mən indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir. Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kətan kimi ağappaq ağarırdı. Məmməd gözlərini geniş açıb, Firuzəyə dik baxaraq: – Anam haradadır? Züleyxa haradadır? – deyə soruşdu. – Bir yerdə yaşayırıq. Bizə pasyolkada mənzil veriblər. Indi gedərik, görərsən... – Sən məni evinizə aparacaqsan?.. – Mən səni öz evimizə aparacağam. Mən təəccüb edirəm, niyə sən öz evinə deyil, buraya gəlmişsən? – Mən səni axtarırdım. Bəs o Aslan kimdir? – Gedərik, görərsən, – deyə Firuzə gülümsəyərək, cavab verdi: – Mən də sizi maşınla apararam, – deyib əlavə etdim və otaqdan çıxdım. Qayıdarkən işi başqa halda gördüm. Məmmədin üzü tamamilə dəyişmişdi, gözləri alışıb yanırdı. O gülürdü. Firuzə isə göz yaşlarını sezdirməmək üçün gözlərini silirdi. Mənə elə gəldi ki, o ağlayır, lakin dərddən deyil, sevincindən ağlayırdı. – Hə, maşın hazırdır, gedirik? – deyə təklif etdim. Məmməd ötkəm bir səslə: – Gedirik, doktor! – deyə cavab verdi və addımladı. Mən maşına minib sürməyə hazırlaşırkən, Məmməd sevinərək: – Maşın özünüzündür? – deyə soruşdu. – Bunu mənə, sərhəd boyuna yayılmış taun xəstəliyini tez və müvəffəqiyyətlə təsviyə etdiyim üçün mükafat vermişlər. Yüngül “QAZ” yeni asfaltın ayna sinəsində axıb getdi. Çox sürətlə sürmür və hərdən qayıdıb ona baxırdım. O, heyrətlə ətrafa baxırdı. Elektrik işıqlarına qərq olmuş küçələri, çoxmərtəbəli yeni evləri, küçələrdə nəşəli qəhqəhələrlə gülən şən azərbaycanlı qadınları və gəncləri nəzərdən keçirirdi. Kommunist küçəsindən enib “Kitab Sarayı” yanından keçərkən, o, köksünü ötürdü; bu, heyrətdən deyil, sevincdən idi... – Əşi, bunlar şəhərin başına nə iş gətirirlər? – deyə bağırdı. Mən onu daha da təəccübləndirmək üçün maşını saxladım və Firuzədən maşını idarə etməsini rica etdim. Firuzə Azavtodorun dərnəyində çalışırdı. Şəhərdə maşın sürmək üçün vəsiqəsi vardı, çox zaman təkbaşına sürərdi. Firuzə sükanın dalında oturub maşını işə salarkən, Məmməd yenə təəccüb içində idi: – Əşi, bunlar nə edir! Məmmədin yanında oturub: – “Bunlar” kimdir? – deyə soruşdum. – Bizimkilər də! Hələ dünən, mən gəldiyim gün buradan keçmişəm. Tanıdığım birmərtəbəli köhnə bir evi sökürdülər. Bu gün isə burada gözəl bir park salınmışdır, asfalt ağaclar, fantan... Bəlkə iki günün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq və ağac əkmək o qədər də təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağaclar, bu gün çiçəklənmişdir və təzə yarpaqları ilə gözləri oxşayır. Mən hələ dünən Quba meydanından keçdim. Burası, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar o tərəfbu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını oynadaraq, imamın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar olaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm... Bütün o şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtobuslar ötüb keçir. Inqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur olan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir. Firuzə öz sevimli nəğməsini oxuyaraq, cəsarətlə maşını idarə edir və çoxmərtəbəli gözəl evləri bir-bir geridə buraxırdı. Məmməd Firuzənin maşını idarə etməsinə baxır və deyirdi: – Bax, geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu inqilabdır; həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab... Maşın altımərtəbəli bir binanın ikinci qapısı önündə dayandı. Firuzə maşının açarını götürdü, ikinci mərtəbəyə qalxdıq. Bir otağa girdik. Firuzə düyməni burdu, ev elektrik işığına qərq oldu. Məmməd sevincindən baxırdı. Təmiz parket ayna kimi hər şeyi özündə əks etdirirdi. Qaz peçləri aynadan geri qalmırdı. Firuzə tez yüyürüb pəncərəni açdı, böyük bir ağacın budağı içəri soxuldu və sanki xoş bahar yeli ilə hərəkətə gələn təzə yarpaqlar Firuzəni təbrik etməyə başladı. Firuzə, canlı insanlarla görüşmüş kimi: – Xoş gördük, xoş gördük, dostlarım! – deyə yarpaqların təbrikinə cavab verdi. Məmməd gözlərini və ağzını geniş açaraq, otağın ortasında durub, hündür ağ səqfə, pəncərələrə, mebelə və bütün gördüyü şeylərə baxırdı. – Bax, bu mənim otağım, bu çarpayım, bu da Əsgərin çarpayısı. Birdən Məmməd tutuldu, gözləri parıldadı. – Hansı Əsgərin? – deyə təəccüblə soruşdu. – Ərimin, gələcəkdə doktor olacaq Əsgərin, – deyə sakitcə cavab verən Firuzə Züleyxanın, Balaxanım xalanın otaqlarını, qonaq otağını, vanna otağını, mətbəxi, balkonu göstərərək, məlumat verirdi. Onlar qayıdıb yanıma gəldikdə, qapı açıldı və otağa səs-küylə gənc bir qız və iyirmi yaşlarında bir oğlan girdi. Oğlan təmiz və qəşəng geyinmiş bir balaca uşağın əlindən tutmuşdu. – Firuzə, bu kələkbaz məni aldatmaq istəyir, – deyə qız şən və gurultulu qəhqəhələrlə Firuzəyə müraciət etdi. Qız məni görər-görməz yüyürdü və zərif əlləri ilə boynumu qucaqlayıb, uşaq kimi yanaqlarımı öpməyə başladı. – Ata can, sənin bu kələkbaz oğlun Aslan mənə kələk gəlmək istəyir. Burada Aslan hiyləgərcəsinə acıqlı bir vəziyyət aldı və: – Züleyxa, mən sənə yad kişilərlə öpüşməyi qadağan edirəm, – dedi. – O sənin işin deyil. Kefim necə istəyir, elə də edəcəyəm. Bu nə xüsusi mülkiyyətçilik xasiyyətidir? – deyə qız gözəl başını döndərərək, cavab verdi. Aslan isə gülür və deyirdi: – Yad kişilərlə öpüşmək, həm də kənar adamların yanında... – Kənar adam kimdir? – deyə qız tez ətrafına baxıb, yanda duran Məmmədi gördü. Tutuldu, məndən əl çəkdi və diqqətlə qonağa baxdı. Məmməd dinmir, gülümsəyirdi. Birdən Züleyxa qəhqəhə ilə güldü, Məmmədə tərəf yüyürdü. Vəhşi pişik kimi onun boynuna tullandı. Bərk-bərk qucaqladı və gözləri yaşardı. – Qardaşım, əziz qardaşım! – deyə hıçqırıqlarla gülərək təkrar etdi. – Yaxşı işdir, gəlinin olsun, məndən başqa dünyanın bütün kişiləri ilə öpüşsün, özü də mənim yanımda... Boşayıram, gedək bu saat zaqsa, gedək, – deyə Aslan zarafatla acıqlandı. Züleyxa Məmmədin qucağından çıxmayıb, gözəl başını əydi və Aslanı hirsləndirmiş kimi, cavab verdi. – O sənin işin deyil, kiminlə və harada öpüşmək istəsəm... Gedək zaqsa, boşanaq. – Məmməd gülərək: – Nə boşanmaq, Züleyxa! Sən mənsiz, mən burada yox ikən ərə getmişsən? Qız isə qəhqəhə ilə gülərək: – Qardaşım, o sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm, – dedi. Məmməd bir şey demək istədi, hətta başladı da: – Dünənə qədər ağzından süd qoxusu gəlirdi... Lakin Züleyxa kimsəyə danışmaq imkanı vermirdi: – O dünəndi, indi isə müəlliməyəm, hesabdan, həndəsədən, cəbrdən və triqonometriyadan dərs deyirəm. Təşəkkür də almışam, indi göstərərəm... – Elə birdəfəlik de ki, riyaziyyatdan da, – deyə Aslan onun sözünü kəsdi. – O sənin işin deyil, kefim necə istər, elə də deyərəm, – deyə qəhqəhə ilə güldü və incə dodaqlarını qardaşının dodaqlarına yapışdırdı. Bu halda Firuzə elektrik çayniki ilə içəri girdi, qucaqlaşan Züleyxanı və Məmmədi görüb: – Ey, mənim ərimi öpmə, o “beynəlxalq” deyil, – dedi. – O sənin işin deyil, kiminlə... Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı: – Görünür, mənim nişanlım “beynəlxalqdır”, eləmi! Qızlar gülüşdülər. Məmmədin üzü ciddi bir vəziyyət aldı. O cəsarətsiz bir halda yavaşca: – Nə ər, Firuzə? Axı sən dedin ki, sənin Əsgər adlı, gələcəkdə doktor olacaq bir ərin var. Qadınlar qəhqəhə ilə gülüşdülər. Züleyxa tez qardaşından aralanıb, balaca uşağı qucağına götürdü və dedi: – Onun əri budur. Gələcəkdə özü dediyi kimi, doktor olacaq. Əsgər yoldaşın indi düz altı yaşı var. Züleyxa uşağı atasının qolları arasına atdı. Məmməd uşağı bağrına basdı. Firuzə gülərkən, ərinin qolundan tutdu və: – İndi gəl gedək, əl-üzünü yu, – dedi. Məmməd müqəssir bir halda heç bir söz demədi, ancaq uşağı daha bərk bağrına basdı. Firuzə onun qolundan tutaraq apardı. Onlar otaqdan çıxmamış otağa səs-küylü bir qadın girdi; qolları çırmanmışdı. Yüksəkdən dedi: – Firuzə, mənə bir az kağız ver, özün də gəl kömək elə, divar qəzetinə bir məqalə yazım. O bürokrat, ziyançı taxtalar və dəmir hissələri həyətdə, yağışın altında saxlayır. Deyirəm xarab olar, deyir sənin ixtiyarın yoxdur ki, mənim üstümə çığırasan, mən material hissəsi müdiriyəm, materiallar üçün məsul mənəm. Züleyxa bir uşaq kimi anasına tərəf yüyürərək: – Əlbəttə, ana, başqasının işinə qarışmağa sənin haqqın yoxdur, hələ qalsın onun üstünə çığırmaq, – dedi. – Necə yəni haqqım yoxdur! Mən yerli komitənin üzvüyəm. Bəlkə o başa düşmür, bəlkə qəsdən materialları xarab edir, – deyə kiçik Əsgəri qucağına aldı. Firuzə qızarmış, dodaqlarını nə üçünsə silərək, otağa girdi, nəşə ilə: – Balaxanım xala, mən ərə gedirəm, – dedi, – bax, nişanlım da buradadır. Gəl, tanış ol! Firuzə qarını çəkə-çəkə əl-üz yuyulan otağa apardı. Mən qarının ancaq son sözünü eşitdim: – Nə olar, qızım, Məmməd də özünə bir başqasını tapar. Züleyxa şən bir halda yüyürüb məni qucaqlayaraq: – Mən də başqasını tapdım, bax, bu kişini, – dedi. – Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bəs biz adam-zaddeyilik, – deyə yenə Aslan zarafat etdi. – O sənin işin deyil, – dedi, – təsnifi muğamdan ayıra bilməyən hər uşağı, hər iyirmi yaşlı bəstəkarı öpməyəcəyəm ki... – Odur ki, sən öz gələcək ərindən başqa hamı ilə öpüşəndə Nyuton yerinə gah Arximeddən, gah da Pifaqordan yapışırsan. – O sənin işin deyil... Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar. O biri otaqda ana ilə oğlun necə görüşdüyünü bilmirəm, ancaq onu bilirəm ki, onlar otağa girərkən, Məmmədin üzü tərtəmiz, Balaxanım xala isə qulaqlarına qədər sabun köpüyünə bulaşmışdı. Mən ayna ilə üzbəüz oturmuşdum, qonşu otağın bir hissəsi bu aynada görünürdü. Firuzənin, böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini, birbirinə baxdıqlarını, Firuzənin onu qucaqladığını və hərarətli dodaqlarının bir-birinə yapışdığını aydınca görürdüm. – Nə olar, – deyə düşündüm, – sosyalizm öpüşə zidd deyildir... Doğrusunu desək, mən qibtə edirdim. Mən Firuzəni qısqanırdım. Onların bəxtiyarlıqlarına, gəncliyinə, bəxtiyarlıqdan alışıb yanan gözlərinə qibtə edirdim və: “Neçin 28 yaşında deyiləm?” – deyə heyifsilənirdim. Züleyxa piano çalarkən, Firuzə ilə Aslan parket üzərində süzərkən, balaca Əsgər güclə nənəsini oynamağa dartarkən, Məmməd yanımda oturdu və məsud bir hal ilə yavaşca: – Indi hər şey mənə aydındır, – dedi. – Bir baxın, doktor, köhnə Bakı nə idi, indi nə olmuşdur! Bu əvvəl nə idi, indi nə olmuşdur! Xam adam belə şeydən özünü itirməzmi? Siz isə mənim nəbzimi yoxlayırdınız. Iqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Onun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir. Məmməd doğru deyirdi. Lakin mən ona məsləhət gördüm ki, sabahdan aynanın yerini dəyişsin. * * * == Cabbarlı – Şeirlər == Ana Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, Əyilmərəm nə ki, yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Cücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir; Onun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl! Sən, ey günəş, yağışın yağdır ey bulud, ağla! Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!! Fəqət Ana! O müqəddəs adın qabağında, O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara hər aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: – Ana... Ana... Sənə mən rahibəm itaətdə!.. Aman... Aman!.. Bu müqəddəs vücudu mümkünmü, Ki, bir taqım canavar zülmnən şikar eləsin?! Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, Ayaqlar altına topraq kibi nisar eləsin?! Zəlilü-xar edərək məhbəsi-əsarətdə, O şanlı qollarına zülminən vurar zəncir. Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? Neçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi, ədl-ədalət üzüldü dünyadən, Neçin nəsibim edibsən bu zülm-dövranı. Ey asiman dağıl, ey zöhrələr axın, tökülün, Ki, aləmi-bəşəriyyət unutdu vicdanı. * * * Eşidənlərə Sevgilim əhbabi məndən qət ediblər ülfəti, Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!.. Ittihadi-mənəvi məhv oldu lövhi-əsrdən, Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti! Əşki-çeşmimdir buludlardan yağan əmtarlər, Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!.. Ümmət dad etdikcə istiğnayi ərbab qana, Əqrablıq puç olub məhv eyləyir qövmiyyəti!. Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq, Iştə məfrud ittifaqın parlayan ülviyyəti! İftixar əhli-aləm elmədir! Biz çox əcəb, Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti Elmdir bağımızın hasili hüriyi-cənan, Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti! Ah! Ey əğrazi şəxsiyyət sevənlər şərm edin, Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti! Qaldılar bitərbiyət ətfali-məsumi-vətən! Gülüstani-millətin bunlar deyilmi zinyəti! Cəm olub qət eylədin əşcari-nəhsi-nəxvəti! Bər behişti asa qılın siz elmi-mədəniyyəti!!! * * * Bahar Novbahar oldu, günəş şölələnib nur saçır, Qar ərir sellər axır, ot göyərir səhradə. Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır, Gül budağına qonub nəğmə oxur azadə. Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan, Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən, Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran! Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən! Ah, yellər nə həzin, fikr elə, san ney çalınır, Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz? Indi gör əsməyinizdən nə gözəl zövq alınır! Unudulmuş o sudan qar yaradan hiddətiniz. Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör, Gülü gör, bülbülü gör, zövq apar dünyadən. Xaliqin qüdrətini bil, bu yaranmışları gör, Yatma, dur bax, götür əl qəfləti-bipərvadən! * * * Sən də bir Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir, Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir. Zaği tək daim siyahpuş olma bifikri-xiyal, Şaxeye baği vətəndə gül, həzar ol, sən də bir. Cəh-cəhi hüzn avər ilə söylə halın millətin, Ahü vayla millətə ahəngüdar ol, sən də bir. Ruzügarın pənceyi qəhrində solmuş gülləri, Görgilən ey qəlbü zarım, dağüdar ol sən də bir Sərsəri badü xəzan soldurudu baği-ğeyrəti, Ibrət eylə ey könül, rəncuri ar ol sən də bir. Afitabi bəxtü millət pərdeyi-zülmətdədir. Hardasan ey nuri-həqq, pərtov nisar ol sən də bir. Şeri paki ələman hədyan ilə doldurdular, Bunlarə tiğe-zəbanəm, zülfiqar ol sən də bir. Şaeran zülfi-nigari tel bə tel fırlandılar, Fırlan ey mu, bunları çal, şahimar ol sən də bir. Guşeyi zillətdə millət dad edir, imdadı yox, Ey olan məste-səadət, şahsuvar ol sən də bir. Ey olan məste-səadət, şahsuvar ol sən də bir. Naləvü fəryad, vaveyla ucaldıldı göglərə, Çatla ey tağü səmavi, tarümar ol sən də bir. Yoldan azdı, düşdü girdabi-bəlayə ümmətin, Qəbirdən dur, ya Məhəmməd, ya şümar ol sən də bir. Zülmü bipayan zalımlardan əzildi millətim, Harda qaldın ey ədalət, aşikar ol sən də bir. Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan, Fırlan ey dövranü aləm, növbəhar ol sən də bir. * * * Qürub çağı bir yetim Gün qürub etməyə edirdi şitab Kainata enirdi bir zülmət. Sanki göydən yağırdı hüznü zəlam, Çulğayırdı cahan üzün nəkbət. Zülmətin yer üzünü qaplaması Qəlblərdə oyandırırdı qubar. Sümtə aləm olurdu müstəğrəq, Pərdeyi-qər olurdu sayənisar, Hər tərəf bir sükut idi cari, Sanki huşa gedib bütün aləm. Qara, indi, geyər cahan necə ki, Geyinib bir ana, tutur matəm. Bu sükut içrə bir zavallı yetim Matü məbhut edir səmayə nəzər; Gah, o solğun çiçək, çəkir bir ah, Od salır ruzgarə sərtasər. Ah! O bikəs qüruba baxdıqca, Kəndi halın yürəkdə fırladıyor. O sarıntor çocuq yanaqlarını, Gözlərindən axan yaş isladıyor. Ana yox, əqrəbası yox, ata yox Bir kömək görməyir, baxır hər yan. Bir nəfər yox ki, sorsun əhvalın, Bir nəfər yox onu bilə insan. Hər tərəf üz tutub təlatimi-ğəm, Nəzərində cahan olub zindan. Boynu çiynində, qoltuğunda əli, Zarü məhzun, məlulü sərgərdan. Günəşin axırıncı zərrələri Üfüqün arxasında oldu nihan. Çənəsində əli, çocuq oturub, Baxaraq ağlayır, fəqət pünhan. Səs-sədasız çocuq edir nalə, Kiçik əndamını ələm bürümüş, Ağlayır, çıxmayır sədası fəqət, Çünki qəmdən zəbani həp qurumuş. Huşə getmiş çocuq xəyal içrə, Kəsrəti-qüssədən olub bihuş. Yenə hər yer sükuta müstəğrəq, Yenə hər yer zülam içində xamuş. Yenə hər yanda yox ziyadən əsər, Yenə hər yer məzar tək qəmgin. Leyk zülmat indi örtübdür O səfilin sarımtıraq rəngin. * * * Bilənlərə Ey dil, baxırmısan gölü dərya bilənlərə, Zaği-siyahı bülbüli-şeyda bilənlərə. Bir aşiqi-həqiqi demək heç rəvamıdır Daim məkani-aşiqi səhra bilənlərə? Səhrayə düşsə də yenə Məcnunmu söylənir Hər bir səfilə düxtəri Leyla bilənlərə? Olsun həram nuri-bəsər, əsri zövqdə Şəmi-zəifi bir yədi-beyza bilənlərə. Olmaz nəsib şagüli-qönçeyi-həyat Hər bir təbibi həzrəti Isa bilənlərə. Varkən həyatı guşeyi-zindan məkan olur Hər zövceyi-əzizi Züleyxa bilənlərə. Həsrətkeşi-təkəllüm olur, daima nəsib Sina misalı hər dağı guya bilənlərə. Zövqi-həyatı anlamayıbdır demək gərək Qəsdi-həyatı cifeyi-dünya bilənlərə. Cəfər, həmişə hikməti-xilqət nihan olur Zatın zəkavü əqlə mübərra bilənlərə. * * * Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə Qəlbim yanır baxınca bu çərxin mədarına, Baxdıqca zülmünə, sitəmi-aşikarına. Bir nakəs ki ölməyə layiqi-şərirdir, Yüksəldərək, səbəb olur da iftixarına. Bərəks, bir vücud ki, millət ziyasıdır, Erkən kəfən biçib, qapayır öz məzarına. Iştə, baxın, bu rəsmdə bir zati-əzəmin Simayi-hüznbarına, qəmgin üzarına. Kimdir? Tanırmısınız bu vücudi-müqəddəsi! Bir zatdır ki, cəhli pərişan edib gedib; Bir nurdur ki, aləmi rəxşan edib gedib. Qəmnak gözlərində görün bir zəkavətin, Məhzun çöhrəsində görün qəm əlamətin. Əxvan millətə baxaraq, sanki ağlayır, Ibraz edir cəhalətə qarşı şikayətin. Təxmin olurmu ömrdə çəkdikləri cəfa? Millət özü nə qədər çoxaldıb zəlalətin. Hər bir cəfayə leyk qılıb sinəsin süpər, Sakit ürəklə qarşılayıb xalq həqarətin. Axırda kəndini yetirib bir məqamə kim Mövtilə qəlbi-milləti suzan edib gedib, Çox dərdüməndlərə dərman edib gedib. Abadlıq yaratmaq üçün bir xərabədən Cəhd eləyib çəkinməyərək min əzabdən, Cansız vücuda can yetiribdir həmiyyəti, Insan vücudu xəlq eləyibdir türabdən. Zillət çəkib, əzabü-əziyyət, cəfa çəkib, Axır salıb vücudunu qəm, qüssə tabdən. Şükran yerinə milləti nifrin edib ona, Xəffaş çünki nifrət edir aftabdən. Amma bu cövrü zillət və təhqirə baxmayıb, Kəndin həyati-millətə qurban edib gedib; Çox əhli-cəhli sahibi-irfan edib gedib. Ey hər “Səda”sı tar həqiqət təranəsi! Ey hər “Keyfim gələndə”si aclar zəbanəsi! Gülzari-ömrünə fələk əsdirdi bir xəzan, Taki, boşaldı mürği-ədəb aşiyanəsi. Susdunmu? Yox! Səsin yetişir səmaləmə! Söndünmü? Yox! Sönərmi günəş nurxanəsi? Soldunmu? Yox! Solurmu həqiqət çiçəkləri? Haşa! Oluyormu paslana yaqut danəsi? Gözdən düşüyormu sən kimi şəmsi-şərəfnisar? Rahi nicatı xalqa nümayan edib gedib; Həp öz vücudun ol yola taban edib gedib. Ey xadimi-ədəb! Uyu rahət məzaridə, Itməz adın bəqa var ikən ruzigaridə. Səpdikləri o toxmi-ədəb verdi hasilin, Güllər verib, çiçəklər açıb nobaharidə. Xəndan qılmağa ləbi-iqbali milləti Sürdün bütün həyatını sən ahu zaridə. Etdin bəşər vəzifəsi fövqündə ciddü, cəhd. Rəhbərlik eylədin bizə hər rəhgüzaridə. Nadir bulur zəmanə sənintək vücudu kim Bir xarizarı ta ki, gülüstan edib gedib; Kəndin mücahid isminə şayan edib gedib. * * * Dilənçi Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi, Cahanə lərzə salır yellərin cəfalı səsi, Əsir külək, savurır qar, bayırda bir tufan, Həvadə qar burulub çırpılır çüqatili-can, Yatıb bütün qapılarda ovunti ağ təpələr. Vuyuldayub yer ilən yellər əsib qarı səpələr Qaranlıq içrə buruq – qar sütun kimi ağarır, Guruldayır bacalar, yel dəmirlərin qoparır. Həman xiyal eliyorsan məqami-zillətdir, Baxanda dəhşətə, san bu gecə qiyamətdir. Uzaqda qarlar, arabir xərabəlik görünür, Uçuq divarları zülmati aləmə bürünür. Baxınca, tələbi qəsavət basub könül bulanır, Bütün xərabəliği qar təvaf edib dolanır. Xərabə içrə qaranlıqda sənki var bir kəs, Inildəyor, yayılır, titrəyor çəkincə nəfəs. Bu bir zəif çocuqdur ki, xəstə, bidərman, Soyuq xərabədə yatmış, inildəyor hər an. Tikib gözün qapuya intizar ilən baxıyor, Baxınca göz yazı əbri-bahar tək axiyor. Bu öz qoca atasın gözlüyor bu halətilən, Çörək dilənməgə getmiş bu cür qiyamətilən. Bu xəstə beş gün olar dəyməyib çörək dilinə, Qoca ata bu savuqda nə cür gedib dilənə, Nəhayət, oğlunu görcək ölüm yatağında, Gedib, yox isə də taqət zəif ayağında. Gedib çörək dilənə, ta verə bu tiflə nicat, Uşaq baxır qapıya gözlüyor çörək, heyhat. Baxır o xəstə çocuğa qərq olub zülmətdə. Budur, görür atasın olduğu qiyafətdə. Əlin açıb uzadır, madərinə ol nalan, Ana! Ana, hara çoxdandu olmusan pünhan. Həmişə sən məni saxlardın öz qucağında, Nə vəqtlərdi sənin ağlaram fərağında. Acam! Acam, ana, varmı bir az çörək barı Ana! Ana, mənə bir az çörək, sən Tarı. Xiyal edir... Genə də yel əsüb salur dəhşət, Dəxi çocuq üzülüb, yox acından heç taqət. Əlin salur yanına, son həyatıdur düşünür. Budur, qoca atası iztirabilən görünür. Girür xüramlığa ixtiyarsız bir pir, Qəmgin, xiyali pərişan, çöhrəsi dilgir. Beli bükük, yükü məhzun gəlir-gəlir dayanır. Çörək gətürməyib, əmma o tifildən utanır. Gözünə yaş dolaraq oldu tiflə toğru rəvan, Uşaq görüb atasın həm sevindi, açdı zəban. Dilənçilik qocalıqda kəsib amanın, ata. Bir az, bir az çörəgə varmı heç gümanın, ata. Ata! Acam, ölürəm məndə qalmayub taqət, Aman Ilahi, nə qəmgin, nə odlu bir halət, Ata öz oğlunu, öz yaş qucağına yıxdı, Soyuq yüzin uşağın öz dodağına sıxdı. Oğul! Oğul, nə deyim qəmli ruzigarımdan, Qocalmışam, çıxıb həm qüvvət ixtiyarımdan. Bəşərlər içrə, oğul, rəhm yox, mürvət yox, Bəşərlər içrə, oğul, ədl yox, ədalət yox, Oğul bəşərlər hamu bir-birinə bir cəllad Dilənçiyə tapınan varmı eyləsin imdad. Bu qarda hər qapını dögdüm, eylədim ehzar, Çağırdım, ağladım, əmma ki, olmadı asar, Qapı-qapı gəzinib görmədim də bir insan, Ki, rəhm edib mənə ta bir çörək edə ehsan. Uyu! Sabah oyanar xəlq xabi rahətdən, Gedib kömək dilərəm sahibi-səxavətdən. Çuxur gözü qocanın islanır, dolur da müdam! Bahar şəbnəmi təki yaş axır bilaaram. Görün nə cür dolanır iştə bu zəmani-dun, Yüzi bütün dəgişib xəstənin olur məhzun. Ümidi qət olur, tab-taqəti üzülür. Zəif cismi axır, yaşlı gözləri süzülür. Ölür-ölür, açıb axır nəfəsdə gözlərin, Əziz atasına ahəstə səslə sözlərin. Deyir – Ata, ölürəm! Ac, sovuq otağunda, Götür məni! Ata, qoy can verim qucağında. Cəhani vəlvələ dutmuş, külək edir şiddət, Nədir, nədir bu qədər ruzigaridə hiddət. Təbiətin bəşəriyyətlə var ədavətimi? Və ya Xuda qoparıb vəd edən qiyamətimi?! Nədir o kölgə ki, oldu xərabəyə daxil, Nə qorxulu, nə müdhiş bu iştə Əzrail. Qara qanatlarını iftixar ilən çırpir, Ayağına üzini tez niar edir ol pir. Aman! Aparma bu ac nuri-digəmi barı, Tərəhhüm et mənə, rəhm etgilən sən Tarı. Bu bir uşaq, qocalıqda mənim pənahımdır, Aman, aparma ki, bir tək ümüdgahımdır. Aparma, yox-yox, onu vermərəm sənə haşa, Yürəkdə mərhəmətin yox, bəşərmisən aya? Vurub qara qanatın üç kərə, olur pünhan, Qoca soyuq bədəni sinəyə basıb ələman. Oğul! Oğul! Çağırır, yoxdur heç nəfəs, heyhat, Ölüb! Ölüb! Soyuyub, cism edib vidai-həyat. Qoca özün itirib qəmlər izdiyadından, Təbiət həp genə əl çəkmir iştidadından. Yürəkdə eylədi nəşət sönük xiyalətlər, Səmayə yüz çevirib başladı şikayətlər. Ilahi! Pir olanı xar edib əzərlərmi? Ilahi! Pir olanın taqətin kəsərlərmi? Nə yummuşsan gözünü, dur ümidgahım oğul! Cahandəsə olacaqdın mənim pənahım oğul. Bu gün bütün bəşəriyyət yeganə bir cəllad, Həlak olanlara bir kimsə etməyor imdad. Cəhandə yoxdur əsər rəhmdən, hidayətdən, Zavalı huşa gedib kəsrəti xiyalətdən. Nədir bu vəlvəleyi-dövrü ruzigarə səbəb?! ................................ Nədir? Nədir? Bu qədər inqilabi aləmgir?! Nədir zavallı bəşərlər həlakinə tədbir. Nədir bəşər bu cahan içrə seyddir azad, Nədir cahan? Özü bir qan içən böyük səyyad. Degilmi daim fəlakət təşərlərə bu həyat, Fəqət, bunı bəşəriyyət düşünmüyor, heyhat!!! * * * Boranlı qış gecəsi Boranlı qış gecəsi, şaxta şiddətilə kəsir Külək vıyıldayaraq səs salır biyabanə; Cahan zülami-kədər pərdəsilə puşidə, Qaranlıq iştə çöküb məclisi-şəbistanə. Uzaqda, kənd kənarında bir uçuq evcik. Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər. Zülami-nikbət içindən gəlir inilti səsi, Baxanda xəstə uşaq, bir də xəstə bir madər. Qaranlıq evdə uzanmış da bir cavan arvad, Vərəmli çöhrəsi solğun, zülamə müstəğrəq; Ağır nəfəslər alır, biməcəl olub bayılır, O bir cənazə və ev bir məzardır mütləq; Batıb zərif, sarımtıl yanaqları çuxura. Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır! Üzündə sayeyi-möhnət, baxınca zənn olunur: Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır; Ölür, ölür də, fəqət müntəzir səbisindən Ki, yox cahanda onun bir ənisi-qəmxarı. Baxır nigahi-təhəssürlə nuri-didəsinə, Xəyal edir ki, onun kim olar pərəstarı Çocuq fəğan ilə qucmuş zavallı anasını, – Ana! Acam! – deyə ağlar, qadın baxır mədhuş. Nə var dolanmağa taqət, nə var danışmağa dil, Həzin nəzərlə baxır, ağlayır, olur bihuş. Əsir külək yenə vəhşi kimi guruldayaraq, Vıyıldayır, bağırır, artırır da dəhşətini; Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs, Bəşər vücuduna san göstərir ədavətini. Baxır ana çocuğa bir nigahi-həsrətlə, Inildəyir də onun hüzni-infialında. Ona baxıb düşünür, ondan ötrü çırpınıyor Onun xəyalı gəzir həp sönük xəyalında. Əvət, onu düşünür bu xərabədə anasız, – Çörək! Çörək! – deyərək eyləyir vidani-həyat. Kömək dilər kimi, ətrafını süzər sakit; Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat! Nə qəmli mənzərədir, son nəfəsdə bir madər Bir iztirab ilə etmiş səbisini bərduş. Bir intizari-təhəssürlə gözləri süzülür, Ölür, ölür, şaşırıb həp çocuq baxır xamuş. O dəm işıqlanıb ev nagəhan iki ərlə, Döşü nişanlı gözəl bir qadın olub daxil; Qadın qaçıb çocuğu qapdı, basdı sinəsinə Öpürdü, sanki öz övladına olub vasil. Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu, Gülümsünüb, hər iki əllərin zəlilanə Uzatdı ol qadına, san: “Apar, bacım, saxla!” – Deyirdi, həp süzülən gözləri səmimanə. Qadın yenə uyudu... ah, şimdi pək rahət, Birər təbəssümi-şəfqət öpür dodaqlarını; Iztirabı onun, şimdi oxşayır ancaq Birər piri-təsəlli soluq yanaqlarını. * * * Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən, Uçgilən balalərə, seyr et mədari-aləmi! Aləmi-islamə bax! Bir yanda işrət bərqərar, Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi. Bax, könül, baladən ol buz bağlayan səhralara, Bax o çılpaq, ac yetimin naləvü fəryadinə. Gör acından rəngi solmuş qızları xarü zəlil. Varmı gör bir kimsə yetsin onların imdadinə? Bir tərəf millət zəvalə üz tutub biixtiyar, Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır. Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır, Musiqi avazəsindən nəşədar olmaqdadır. Ey içən bəxti-səadət şərbəti, sirab olan, Qarlar içrə ac qalıb can tərk edir ixvanınız! Ey vuran fəryad içində tarə mizrabi-səfa! Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?! Hər tərəf mövci-həlakət üz tutub ixvaninə, Bunların halından, aya, kim xəbərdar olmalı? Ingilislərmi, firənglərmi və ya islamilər? Kim yanıb qardaş qəmində çox dilazan olmalı? Xaneyi-millət xərab olmaqda, imdad istəyir. Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr! Nerdədir “əl mömininə ixvətin” ayatı bəs? Ey özün islamə daxil eyləyən biganələr! Ey özün mömin bilənlər, imtəhan meydanıdır, Qəlbiniz amalını etsin sübut amalınız. Leyk, millət, can verir, siz eyşü nuş aludəsi, Şər qanuninə mütləq ziddir əfalınız, Bu zəlalət ərsəsində cismi-millət bisipər, Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar. Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz. Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya? Ax, bu səslər kimləri imdadə səslər müttəsil? Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?! Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar? Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?! Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr, Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr! Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər, Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr! Ac yetimlər naləsi əflakə əksəndaz olur; Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar. Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir? Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar. Ağla, ağla, ey yetim, imdadə səslə milləti! Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var! Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl! Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var! Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz, Kar ola ol naləyə guş etməyən cəlladlər! Kor ola, ol kor olan gözlər ki, görməz zilləti, Məhv ola ixvaninə rəhm etməyən şəddadələr! Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz! Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox! Ar ola ol millətə kim, matəm içrə eyş edər! Ar ola ol millət əfradinə kim, vicdanı yox! * * * Bayram saxlayanlara Yenə əhatə edib zehnimi xəyalətlər, Gözüm önündə gəzir başqa dürlü halətlər. Təcəssüm etmədə qarşımda qəmli bir aləm, Nə aləm, ah! Qülubə alov saçan matəm. Yaxında bir ada, yox, bir məkani-qəm varmış; Baxın, baxın, onu hiddətli dalğalar bürümüş! Baxın bəsirət ilə ol məqami-hüznə tərəf, Nə qədər bikəs olub orda min əzabə hədəf. Hürr anın dəmi... həp yaralı zəlil kəslər, Əman kömək, ölürəm, əlan-deyor səslər. Bədən zəif, yemək yox, qərib vilayətdə Kimin yanında bular olmalı şikayətdə? Ufaq çocuqlara nəm torpaq iştə bəstərdir, Olardır, ac, parasız, üç əsiri-madərdir, Vücudu sarsıtıyor bu yetimlər dadi, Ürəkləri dəliyor, ah, millət əfradi! Gözəl, sevimli çocuqlar cəzirələrdə zəlil Deyil bu, millətimiz qeydsizliyinə dəlil? Ey ifixar ilə mömin deyən özünə müdam, Səvabə doğru qoşun, iştə yaxşı bir əyyam! Verək, verək nə qədər varsa bu fəqirlərə, Şəriət əmr eləyib daima əsirlərə Kömək verək ki, olar sədqəyə səzadırlar, Kömək verək ki, qərib, həm də binəvadırlar! O şəxslər ki, gəzir cənnəti iştiyağında, Acarları niyə bəs görməyir qabağında?! Gedin, görün o zaman yandırar sizi atəş: Nə qədər olsa hərarət, nə qədər yaxsa günəş, Bir istəkan suya bir kəs kifayət etməlidir, Bir az quru çörəyə həm qənaət etməlidir, Bular deyilmi bəşər, ya deyilmi bir islam?! Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam? O vəhşi dalğaların ortasında dindaşımız, Zəlalət içrə ölür ac, zəlil qardaşımız!... Biz isə eyd eyləyib, işrətə qiyam edərik, Bütün-bütün gecəni eyşlə tamam edərik. Göz aç, sən ey özünə söyləyən müsəlmanəm! Göz aç, sən ey bağıran mən də əhli-Quranəm! Göz aç, sən ey danışan həşrdən-qiyamətdən! Göz aç, sən ey əbədi dəm vuran səxavətdən! Çıxıb da sahilə, bir ol məqami-zillətə bax! Behişti, duzəxi gör, həşrə bax, qiyamətə bax! Gör orda ac-yalavac can verən zəlilanı, Gör orda içməyə su tapmayan yetimanı! Yəqin bil: alışar, od tutar, yanar canın, O dəm kömək yetirərsən var isə vicdanın. * * * Bu həqiqətdir ki Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul: Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti. Ittihad ərbabinə aləm müti olmuş müdam, Müttəhim bir millətin daim ucalmış şöhrəti. Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar, Ittihadın qüvveyi-əzmi hər asan eyləməz. Partlasın odlar, alovlar, ildırımlar, şölələr, Ittihadın odu qəlbi zərrə suzan eyləməz. Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar, Puç olar gər Ittihadın tiği etsə ictihad. Arkadaşlar, varlığın millət istərsə saxlasın, Əlbəəl versin də, etsin ittihadi-ittihad. * * * Səhər vaxtı siyasi bir məhbus Sübh açılır, gün doğuyor hər səhər, Ah sən, ey məhbəsi-viranə, sən, Bircə işıqlanmaz imişsən məgər?! Məndə günah yox, onu bilməzmisən? Siz, ey qara, ey vəhmli divarlar, Ədli neçin pərdələyirsiz müdam? Ey qara zəncir, ey ağır halqa, sən Çatla, neçin zülmə edirsən dəvam? Ey mələkəlmövt, gəl al canımı, Indi ki, zülm ədli təbah eyləyir. Öldür, əvət, öldür, olum rahət, ah! Kimdir? O Hatif, nə xoş söyləyir: – Səbr elə, bəxtinlə bir az qıl mədar: Məhbəsi hürriyyət edər tar-mar, Zülm enəcək, ədl olacaq payidar. * * * Hüseyn Ərəblinskiyə (Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə) Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn! Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn! Zillət içrə etdim abad səhneyi-millimizi, Xabi-qəflətdən oyatdın milləti-küllimizi. Ac-susuz atdın özün bu kəşməkeş meydanına, Millətin bir cam yetirdin səhneyi-ürfanına. Səhneyi-milli səninlə bir təcəlla bulmada, Sən vəli bir xaki-zülmətə şitaban olmada. Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin, Həsrətin qəlbində, bir cəllada can tərk eylədin. Cismini millət qəmi çoxdandu milliləndirdi, ya Qoymadı rahət səni, zatında cuş etmişdi ya! Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin, Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin. Xalq unutmaz xadimin, ey millətin dilarəsi, Millətin ruhunda yer açmış şu qurşun yarəsi... * * * Sevdiyim (Azərbaycanın bayrağına) Altun köksün hilal-yıldız, işıqları öpüncə, Zirvəsindən Şah dağının gündoğuşu dinilür. Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə, Bir siyaqla könüllərə hey salamlar söylüyür. O yerlərdə qardaşları, dostları var, pək sevir, Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim. Canalıcı bir görkəmlə dağ başında durunca, Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin. Nazlı əlin umuzunda saçlarına vurduqca, Bir-bir oxşayırsan bütün Turan ellərin. Altaylardan, Altun dağdan doğma sellər bəkləyor Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor, Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor, Qollarilə türk ellərin bütün qusmaq istiyor, Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. * * * Azərbaycan bayrağına Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərimə kölgə salan? Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrığımız ucaları pək seviyor, Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor. Kölgəsində ay əyilib bir gözəli qucmada. Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, Şu görünüş bir ananın şəfqətinə oxşayor. Düşündükcə zövqlərimi, vicdanımı oxşayor. Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bizcə böylə söyləmək! Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, Yurdumuzu qucmuşdur! Allah, əməllərim edib şu bayrağı intiqal, Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL! Yürəyimdə bir dilək var, o da doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın. * * * Salam Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə Amal quşu Şərqə doğru uçarkən, Gündoğuşda murad suyu içərkən, Səbah yeli Altun dağdan keçərkən, Turan ellərinə salam söyləyin. Bir gözəl görsəniz göylər elindən, Öpün dalğalanan ipək telindən, Od yurdunun yavruları dilindən, Turan ellərinə salam söyləyin. Baykalda görsəniz ördək izləri, Unutmayın tapşırdığım sözləri. And verirəm, durnalarım, sizləri, Turan ellərinə salam söyləyin. Intizar gözlərdən Xəzər doğuldu, Həsrət ürəyimiz yanar dağ oldu. Dillərimiz Turan deyə yoruldu Turan ellərinə salam söyləyin. Yıldızlı bir göy tac üstə ay parə, Bir al yaylıq verim yetirin yarə, Durnalar, durnalar, bizdən dübarə Turan ellərinə salam söyləyin. * * * Dün o gözəllərdə Dün o gözlərdə inliyən sevgi, O baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dodaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də oldun şən. Dillə “sevdim” diyorsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığım... Eşq yox, zövq yox, yetər! Get, Get!.. Nerdədir gördüyüm səmimiyyət, Niyə yavrum riyayə çevrildi?! * * * Yaşamaq Gözümdə büsbütün aləm məzara bənzərkən, Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya. Könül xərabəsi, göz yaşlarında inlərkən, Gülər dumanlı fəzalarda bir mələksima. Uçar... uçar... uzaşar sadə bir gülümsəyərək, Aşar üfüqləri, varlıq xiyalı boynunda. Itər... gedər... genə ruhum, axan şu yıldız tək, Vərəmli bir gecə təm iztirabı qoynunda. Sönər... susar... qara bir yoxluğun soyuq nəfəsi, Zavallı fikrimi sarsıb da dondırar... yatırır. Sonunda bir qocaman bayquşun zəhərli səsi, Sönük xiyalimə min dürlü sorğular gətirir. Neçin, neçin yaşamaq? Ölməmək! nədir məna? Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq? Neçin əzilmək, üzülmək, iməkləmək bica? Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq? Nə var yalanla qızarmış şu cani yüzlərdə, Nə var riyayi gülümsər şu mavi gözlərdə? Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr? Nə var şu zəhər bulaşmış səfalı sözlərdə? Nədir, nədir dirilik yurdu? Qanlı bir ölkə! Degilmi varlıq özü canlı bir yığın kölgə? Ölüm!.. O bir əbədiyyət... görüncə siz uyğu... Nə tatlı şey... bu əzabə o sən çəkər bəlkə. Şu yas içində ümid intiharə qalmışkən, Gülümsüyor yenə birdən fəzayi-xülyadan. Demeynən ki, cani ziya... bənligim yuxalmışkən, O sanki qaldırıyor bir dumanlı röyadan. Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq! Deyir, qoşar yürəgim! Onda bir işıqlı xiyal. Bədən bulur yenə qüvvət, itər şu yorğunluq, Nədir əcəb bu ziya?.. Iştə şanlı bir ideal. Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir, Uzaq, Uzaq, gözüm! Ancaq məraqə yax bəni sən. Yaxınlığın genə heçlik, gülümsə göylərdən Yaşatmaq! Istəsən ancaq uzaq, uzaq bəndən! Nəsə? Budur yaşadan... rəf olunmayınca məraq, Könül deyor yaşamaq! Bir vüsaladək yaşamaq! * * * Ölkəm Şiş ucları buludlarla döyüşən Dağlarında buzları var ölkəmin. Göy otlardan ipək paltar geyinən Tarlaları, düzləri var ölkəmin. Verimli torpağı, geniş çölləri, Çalışqan ərləri, igid elləri, Böyük gəmiləri, dəmir yolları, Keçidləri, rizləri var ölkəmin. Göllərində ördəkləri üzərlər, Göllərində maralları gəzərlər, Güllərindən gəlinlər tac bəzərlər, Ceyran gözlü qızları var ölkəmin. Quzğun dəniz oynar ayaqlarında, Işıq saçar nefti torpaqlarında. Tarixlərin altun yarpaqlarında Dadlı-dadlı sözləri var ölkəmin. “Yanar dağlarında yalov coşarmış, Ona tapınmaya ellər qoşarmış, Bir çağ varmış, ölkəm azad yaşarmış, Bu yollarda izləri var ölkəmin. Ipəgindən qızlar çadra geyərlər, Ölkələrin azad görmək dilərlər, Bu yerləri bütün ellər sevərlər, Yalnız bizdə gözləri var ölkəmin. * * * Qara gözlər O gündən beş ildir tamam, Oruc tutmam, namaz qılmam Səhər-axşam var bir duam: Gözlər, gözlər, qara gözlər! Göylərə etməm etibar, Beş ildir könlüm intizar Tanıdığım, bir Tanrı var: Gözlər, gözlər, qara gözlər! Diləklərim erkən soldu, Könlüm fəryaddan yoruldu, Nə istərdim... nələr oldu Gözlər, gözlər, qara gözlər! Siz bir gözəllik Tanrısı. Mənsə bir tale ayrısı, Könlümün ilham pərisi Gözlər, gözlər, qara gözlər! * * * Gözləri Ala gözlü ceyranları andırıyor düzləri, Toplamışdır gözəlliyi ən sevimli qızları – Görkəmilə andırıyor düşündüyü sözləri Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Sərt baxırkən ən alovlu duyğuları dondurur, Donuqluğu donub qalan ürəkləri yandırır. Gah bir toytək oynaq olur, gah bir matəm andırır Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Bir baxışla azdırıyor, bir baxışla bildirir, Bir baxışla ağladıyor, bir baxışla güldürür; Gülümsərkən can veriyor, süzülərkən öldürür Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Itirdiyin unutdurur, gördüyündən küsdürür, Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir, Tutqun gecə, aydın günmü, görən necə kəsdirir Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Mən istərdim şairləri, şeir ilahi qucurkən, Iki gözə səcdə edib oynaq dillər açırkən, Görəydilər incə, xəfif təbəssümlər saçırkən, Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. * * * Məhəbbət aləmi qəmdir Məhəbbət ölkəsi qəm diyarıdır, O diyarda ağlayan çox, gülən yox. Cad olunmuş kimi könül çırpınır, Ağlayormu, gülüyormu – bilən yox! Fələk məni öylə günə salıb ki, Bilmiyorom yaşayımmı, ölümmü? Yazıq könlüm öylə hala qalıb ki, Bilmiyorom ağlayımmı, gülümmü? Məhəbbət ölkəsi qəm diyarıdır. O ölkəni dolaşıram bilərək. Için-için eşq ürəymi yandırır. Yanıyoram sevinərək, gülərək Gözüm ağlar, dodaqlarım gülümsər, Bilmiyoram yaşayımmı, ölümmü? Yaşamaq istərəm, ölüm bəklərəm, Bilmiyorom yaşayımmı, ölümmü? Dənizlər ardından Günəş nur saçır, Bahar gülümsüyor, çiçəklər açır, Yaşayış oynayır, dirilik uçır Keçmiş zamanlarım gözümdən keçir. Çocuqluğum, oyandığım, güldüyüm... Iynə kimi ürəyimi dələrək Gözüm ağlar, dodaqlarım gülümsər, Bilmiyorom ağlayımmı, gülümmü? Yaşamaq da istər könlüm, ölmək də Bilmiyorom yaşayımmı, ölümmü? * * * Məhəbbət əşarı Bir lalərüxəm, eşqimə sultan ola bilsən, Məndən qaç uzaq, vəslimə mehman ola bilsən. Ən odlu bir eşqin gülü al olmuş, unutma! Qismət sevənə hicr vüsal olmuş, unutma! Aşiq qanı məşuqə həlal olmuş, unutma! Varsansa, buyur, eşqimə qurban ola bilsən. Sən tifli-dəbistansan, uzaqlaş, təpərin yox! Eşq aləmi bir başqa bəladır, xəbərin yox! Ağuşi-nəcibanədə aldanma, yerin yox! Gəl, Qeys ilə həmdərdi-biyaban ola bilsən. Dün sev də, bu gün başla həmin hicrə şikayət, Məna ara, bul, eşqdə boş vəslə nə hacət? Hər aşiqə ümmid günü var olsa qiyamət, Gül onda da sən, vəslimə şayan ola bilsən. Həp hicrdədir, eşqin əgər varsa səfası; Gün gəlsə yaxın, bir od olar nazlı ziyası; Eşqim verər ancaq sənə bir zövqi-əsası; Ömrün boyu hicr ilə pərişan ola bilsən. Sən badələr iftadəsi, qanunkeşi-xilqət, Mən bir yeni məfkurəli növzadi-təbiət. Bir çoxları tək vəsldə mümkün sənə əlbət; Ancaq ki, bədənsiz quru bir can ola bilsən. Mən şeirəm, özüm, bir daha əşarə nə hacət? Mən canlı çiçəkkən, ölü gülzarə nə rəğbət? Mənsiz gülə, həp şairin əşarına lənət! Lənət sənə də, “bəxtəvər” insan ola bilsən. * * * Mənim Tanrım Mən bir zaman öz-özümdən uzaxdım, Dün bir işıq buldum, ruhuma taxdım. Bütün əski tanrıları buraxdım, Indi artıq bir tanrım var – gözəllik! Bütün əski tanrılara darıldım, Həp məcazı sevgilərdən yoruldum. Bir həqiqət buldum, ona vuruldum, Dünyada bir şüarım var – gözəllik! Oxşa məni, yeni tanrım, sevindir! Artıq fikrim, ruhum, duyğum sənindir! Çıx könlümdən, əski dünya, sonundur, Çünki yeni bir yarım var – gözəllik! * * * Məhkum Şərqə Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən, Aləm səni bölməklə səadət bölüşüyorkən, Övladın əsarətdə, yazıq, can çəkişiyorkən, Hala da sükut etmədəsən, ey evi bərbad! Kimdən, əcəba, ummadasan dərdinə imdad? Rahib kimi qovğayi-həyata həvəsin yox; Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox; Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox; Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad; Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat! Dünyanı əsir eylər ikən bir ovuc altun; Hər millət öz azadəliyin qurşuna mədyun Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun; Acizliyə qalsan, edən olmaz səni azad, Hər gün sənə sahib olacaq bir yeni cəllad. Döndər günəşin atəşə, saç Qərbə, Şimalə! Topla nə gücün varsa, giriş qəti cidalə! Ya haqqını al, ya əbədi öl, laməhalə Qoy gülləri ya qan sulasın, yaxud ədalət, Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət! * * * Olmasın Pək az sürən baharımın canlı çiçəyi, sevimli Sonama, göndərdiyi çiçəklərə qarşı yadigarım Bülbülündən ayrı düşmüş qızılgül, Bu hicrana kimsə düçar olmasın. Kaş ki, yavrum, son günlərin sevinci, Böylə qısa, bietibar olmasın. Sənsiz könlüm fəryadlardan usanmaz, Çaylar dursa, göz yaşlarım dayanmaz. Dünya gülşən olsa, könlüm oyanmaz, Sənsiz, yavrum, artıq bahar olmasın. Dünki gülşən – yarın xəzançın oynaq, Düngi insan – yarın bir yığın topraq. Keçmiş ilk bahardan bu bir kaç yapraq, Saqın, yavrum, son yadigar olmasın. Bəlli şey ki, həyat beş qara gündür, Mənsiz gül, ağlama, könlüm sevindir, Cismim topraq olsa, ruhum sənindir, Sevgimizə yoxluq məzar olmasın. * * * Olsun qoy Həyata gəldiyim gündən bəlayə çarpıldım, Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy! Sənin ki, eşqinə ruhum pərəstiş eylər idi, Fəqət, dedin, dəli ruhun şikarım olsun qoy! Vəfalısan, dedim, eşqin könüldə bərkitdim, Könül, ürək, nə var aldın da, məhv olub bitdim; Səninçin hər şeyi, hər kainatı tərk etdim, Bu göz yaşında fəqət ixtiyarım olsun qoy! Yalançı bir görünüş: Ay, Günəş, bu ulduzlar, Yabançı hər bu baxışlar, bu nazənin gözlər, Yalan bu eşq, bu sevda, bu atəşin sözlər, Bu sonda, bari, həqiqət, şüarım olsun qoy! Neçin bu cür mənə, tanrım, bəlalı gün verdin? Bu nazlı afətə vurğun cahana göndərdin? Bahari-eşqimi, yavrum, xəzanə döndərdin; Bu dərdli günlərim artıq baharım olsun qoy! Nigari-xilqətə sordum: – Nədir bu mənalar, Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar, Nədir həyata gülən bu dərin müəmmalar? Götür bu pərdəni, bir aşikarım olsun qoy! Dedi: – Həyat özü bir ayrılıq, kədər, bir qəm, Nə çarpır orda gəzə, həpsi bir yığın matəm; Bu göz yaşında boğulmaqsa taleyi-aləm, Mənim də göz yaşı, hicran məzarım olsun qoy! Bəşər həyata tapınmış, o, bir yığın torpaq, Vücudu, varlığı yüz min bəlayə bir oynaq; Bu gün varıq da, yarın, kim bilir, nələr olacaq? Fəqət bu bir neçə söz yadigarım olsun qoy! * * * Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir, Bir badə ki, ondan bütün aləm içəcəkdir! Hər süslü çiçək sonda saralmış quru yarpaq, Insan da nədir? Əvvəli torpaq, sonu torpaq! Aləm doğacaq, dirçələcək, məhv olacaqdır, Dünya boş ikən əvvəli, həp boş qalacaqdır. Bir tək səni məhv etmədi bu qanlı təbiət, Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət. * * * Ey dan ulduzu Qaranlıq gecədə səni gözləyib, Durmaqdan yoruldum, ey dan ulduzu! Uzaq üfüqlərə göz gəzdirməkdən Az qala kor oldum, ey dan ulduzu! Öksüz taleyimtək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən, Oxşatdım, yanıldım, könül verdim mən Bilmədən vuruldum, ey dan ulduzu! Arxasınca qoşdum sonsuz bir yola, Hər addımda tuş gəlincə bir kola, Qaranlıqda çox baxındım sağ-sola, Hər yana buruldum, ey dan ulduzu! Büsbütün yorulub gücdən düşərkən, Bir ulduz parladı uzaq üfüqdən. Bu görünən səndin, artıq gəldin sən, Axır səni buldum, ey dan ulduzu! * * * Mən bir susmaz duyğuyam ki (ŞƏRQİ) Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim, Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim. Mən səninçin ömrüm boyu cəfalara dözərim, Sənsiz güllər açılmasın, axar çaylar dayansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. Mən bir sönməz ulduzam ki, daim işıq saçarım, Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım, Mən bir saqlı aləməm ki, sevgilərdir açarım. Sənsiz günəş görünməsin, qaralara boyansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım, Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım! Arar, arar, arar, arar, axır səni taparım; Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. * * * Düşkün dünya (ŞƏRQI) Tarixlərdə öksüz kimi göründük. Illər boyu qaralara büründük, Yetər artıq ayaqlarda süründük, Qalx, qalx, qalx düşkün dünya! Tarix cəllad qan içməkdən yorulmaz, Tərpənişsiz qara zəncir qırılmaz, Yazıq, artıq bu dərdlərə durulmaz, Qalx, qalx, qalx, düşkün dünya! Qoy qırılsın artıq cəllad bıçağı, Qoy uçulsun ölüm və qan ocağı, Dünya olsun azad ana qucağı, Qalx, qalx, qalx, düşkün dünya! Hər bir qanun azadlığa bir yağı, Insan oğlu olmuş insan tapdağı, Silkin, uçsun köləliyin torpağı, Qalx, qalx, qalx, düşkün dünya! * * * Tellər oynadı Bir mən idim, bir sən idin, bir də yamaclar... Meşə yolu, yarpaq dolu yaşıl ağaclar. Onda ki, ağ umuzlara töküldü saçlar, Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. Bir biz idik, bir düz idi, bir də al boya... Dağ başında ucan quşlar endilər çaya. Sən dedin ki: “Bütün dünya qoy dönsün toya!” Çaldı qaval, uzaq kənddə ellər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. Endi duman örtü kimi dünya qarardı, Ara-sıra əsən bir yel saçın darardı, Onda ki, oynaq tellərin boynumu sardı Çaxdı çımşək, coşdu sular, sellər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. * * * Yada düşdü Gördüm üzünü, bağçada laləm yada düşdü; Əmdim dodağın bal kimi, ağzım dada düşdü. Bir lalə yetişmişdi bu viranə çəməndə, Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü. Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim; Aldı fələk əldən onu, yarım yada düşdü. Bağlandı könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. Söz verdi, sözün tutmadı, and içdi, unutdu; Bəlkə, deyirəm, yar usanıb innada düşdü? Bəxt onda ki, paylandı, biri çatmadı payə, Dünyada o bədbəxt də bizim bərbada düşdü. Bir ovçu kimi göldə gözəl bir sona vurdum, Çaldı qanadın göydə, gedib dəryada düşdü. * * * Açan-solan çiçəklər Bən bir güldüm, açılmadan budağımdan dərdilər, Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər, Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər, İştə budur təbiətin sarsılmıyan dövranı... Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım, Çox çalışdım, istəgimlə gülər həyat sürmədim, Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim, İştə, varlıq Tanrısının ədalətsiz divanı... İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum, Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum, Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?! Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı... Bən istərdim bülbül kimi dolaşaydım çəməndə, Bir gül kimi şənlənəydim səbah yeli əsəndə, Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə, Qara məhbəs oldu azad bir bülbülün məskanı... Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu, Parlaq günəş ümidlərim şimal kimi soyutdu, Bütün dostlar, həp insanlar varlığımı unutdu, Doğru sözdür hər aşiqin olur beş gün dövranı... Bakı, F.K. 19. 17 iyul 1923 * * * == Satirik şeirlər == Şücaətim Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..” Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?” Baş qaldıranları əkərəm bən yüzük kimi! Ustadi-kamil, ülumi-ələm, tərəffö zərgərəm!.. Hər səmtə bədlə dönərəm şiri-bidəqqəm... Vaqiədə, leyk qılıncı qırılmış Qəzənfərəm!.. * * * Əl götür Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür! Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti, Hamısının çərən-pərən, boş danışıqdır adəti. Xalqa ziyan verib hamı, zaid edib şəqavəti; Boş yerə yorma ağzını, dadü nəvadan əl götür, Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Bir kərə qan bu mətləbi xalqa ziyan verirsiniz, Molla gedir yemək üçün, siz ona yan verirsiniz. Biri bir iş görən kimi siz tez azan verirsiniz; Bu gözəl iş deyil, balam, molla, yavadan əl götür, Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Iş o deyil bacarmayır Fatma ev içrə xidməti, Ondadır iş ki, Maryanın var bacısı, məlahəti, Heç kəs anlamır işin var belə gizli hikməti; Barı sən anla, ay Baba, bu ürəfadan əl götür, Anladın indi mətləbi, cövrü cəfadan əl götür! Intelligentlər hamısı qılmayır öz namazını, Bilməyir öz şəriətin, tanımayır da qazını Xalqa nə var ki, ay Baba, yırtır o öz boğazını; Bunlara bir nəsihət et, dadü nəvadan əl götür, Canına yazığın gəlib cövrü cəfadan əl götür! * * * Görməmişəm, eşitmişəm Xalq oturubdu bağçada badi-baharı gözləyir, Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir. Intelligentlər alıb qoltuğuna nigarını, Seyr qılırlar bulvarı, həm də dəniz kənarını. Tez qayıdan kimi evə eyləyir öz naharını. Sonya xanımla əyləşib saqi-üzarı gözləyir, Qanmayır arü qeyrəti, sevgili yarı gözləyir. Alim olubdu bəzisi, yasin oxur babasına, Külçə görən kimi alıb, tez bürüyür əbasına, Bir baxınız bu yazığın başda olan havasına, Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir, Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir. Çoxları var ki, hey çəkir millətinin cəfasını, Suzi-dil ilə dinləyir naləsini, nəvasını, Heyf ola millət anlamır vay bunun iddiasını, Harda görürsə der: bular babıdı, narı gözləyir, Millətin ər cavanları zirveyi-darı gözləyir. Yoxdu qənilərin qəmi, eyləyir eyşi-işrəti, Millətin ehtiyacını görməyə yox bəsirəti, Bircə dilənçi görcəyin cuşə gəlir də qeyrəti. Kibrü qürur ilə gəzib, şəni vüqarı gözləyir, Baxmayır ac qalanlara, beş şahı varı gözləyir. Bax, küçələrdə seyr edir bir sürü xanimansız, Ac-yalavac zarıldayır arvad-uşaq gümansız; Millət ölür, təbib yox, can verir o, amansız. Sübh sağ idisə hələ vəxti-naharı gözləyir, Yoxdu təbibi-haziqi, künci-məzarı gözləyir. * * * Dübarə-səbarə Verir müsəlmanə yüz macəra dübarə-səbarə, Edir qəzetlər ona iftira dübarə-səbarə. Biri yazır ki: müsəlman qalıb cəhalət içində; Biri deyir: boğulur qızları səfalət içində. Yazır bir ayrısı: millət ölür zəlalət içində. Hələ “Babayi-Əmir” də çıxıb bu halət içində, Edə bu xalq gününü qara dübarə-səbarə Verir müsəlmanə yüz macəra dübarə-səbarə. Yalandır hər nə qəzetlər yazır, inanmayın anə, Olub müsəlman hamı suyi-elmü fənnə rəvanə; Nə qədər alimi-şair görün dolubdu zəmanə, Gətirdi bizləri, vallah, qəzetçi təngə, amanə. Qaçaq buların əlindən hara dübarə-səbarə? Verir müsəlmanə yüz macəra dübarə-səbarə. Baxın bu yanda “Nicat”ə, görün o yanda “Səfa”nı, Bu yanda “Nəşri-maarif” batırdı elmə cahanı, Hələ o yanda da “Xeyriyyə” söylə, varmı yalanı? Bu qədər babi-həmiyyət qalan millətdə bəs hanı? Qəzet yazır yenə çunü çəra dübarə-səbarə. Edir müsəlmana yüz macəra dübarə-səbarə. Deyir ki, milləti-islam xabi-nazə dalıbdır, Yalandı bu, hamı elmi əlinə müslim alıbdır. Dram cəmiyyəti gör, bir cahana lərzə salıbdır. Hələ bu opera cəmiyyəti o yanda qalıbdır. Qoyur hər həftədə beş opera dübarə-səbarə, Qaçaq buların əlindən hara dübarə-səbarə? * * * Qaç baba! Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir! Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir! Mən demədimmi sənə etmə bizi dəngəsər! Cəmləşib xalq hamı başını birdən əzər! Mən deyən olmadımı, oldumu, ya sərbəsər? İndi buyur... bax, yazılıbdır nələr? Yumma, dəxi gözlərini aç, a Babayi-Əmir! Durma, götür başını qaç, a Babayi-Əmir! Sən götürüb yazmışsan qızlara zülm etməli, Gündə çomaxla qızı hey döyüb incitməli, Qız nədi, məktəb nədi? Onlar hamı bitməli, Güclə, kötəklə bütün qızlar ərə getməli. Süzmə dəxi gözlərini, aç, a Babayi-Əmir! Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir! Sən yolunu azmısan, anlamayırsan özün, Qol-qıçını sındıran xalqa deyirsən qızın, Qızlara insan kimi baxmamaq imiş sözün, ... Əfəndi bilib süzmə dəxi qaş-gözün, Kafir olub salmısan xaç, a Babayi-Əmir! Yumma, dəxi gözlərin aç, a Babayi-Əmir! Durma, şuluqdur işin, qaç, a Babayi-Əmir! * * * Yumruq (1) (1) Niyə salmışsan, adə, bir belə boş qovğanı, De ki, birdəfəlik almaq diləyir dünyanı. Var xəta bunda, canım, qoy əkilək burdan biz, Acığı tutsa, vurar başımıza qəlyanı. * * * Hürriyyəti-nisvançılara protesto Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığılıb boykot edirlər Ufa alimlərini. Qafqaz alimləri on beş gün ediblər şura, Çox götür-qoy eləyib söhbət edəndən sonra, Ufa alimlərini kafir ediblər zora. Barəkallah belə bir xeyir işə ura, ura!... Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Buna kim yol verəcəkdir ki, qız olsun muxtar, Kişilər eyləsin insan kimi qızla rəftar? Sonra on yaşlı qızı altmışillik kaftar Ala bilməz, a canım, boşdu bütün bu koftar. Budu vadar eləyibdir Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Qıza layiq deyil aləmdə hüququn alsın, Qız gərək güşeyi-zillətdə müdamən qalsın. Gündə on dəfə onu ər ağac altda salsın, Şərimiz böylədi, lazımdı bu cür də qalsın. Budu vadar eləyibdir Quba alimlərini, Yığışıb baykot edirlər Ufa alimlərini. Qızlar aldı bu hüququ belə bir fərz edərik, Qeyzə gəldikdə ev içrə kimi sonra deyərik? Döyərik, öldürərik, zülm edərik, incidərik?! Biz qələt eyləyərik böylə işə hə deyərik! Biz də təhsil edirik bu Quba alimlərini, Çox gözəl boykot edirlər Ufa alimlərini. Qıza lazımdır otursun ev içində keşiyə, Bu nədir, qız oxusun, sonra da çıxsın eşiyə. Qız gərək bozbaşa baxsın, ətə baxsın, pişiyə; Ərini görcəyin atsın özünü bir deşiyə. Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Bu zərərdir hələ lap mollaların özlərinə, Hürr qızlar, oxumuşlar baxamaz üzlərinə, Sahib olmazlar dəxi xalqın uşaq qızlarına. Öz əlilə kim vurar baltanı öz dizlərinə? Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. * * * Gəlir “Abdulla Cövdət” həzrətlərinə bənzətmə Zurnaçı toyda zurnasın çalsa, Orda bir az da vodka da olsa, Guşimə “Sonya”nın sədası gəlir. Millətim xar olub əzildikcə, Ac yetimlər nəvası gəldikcə, Guşimə “Sonya”nın sədası gəlir. Millətə qəm olursa rahnümun, Hamısın birdən etsələr mədfun, Guşimə “Sonya”nın sədası gəlir. Asimanda “Çapellin” uçduqca, Xalq qırğın salıb vuruşduqca, Guşimə “Sonya”nın sədası gəlir. Millətin başına kül olduqca, Hamı qəri-məzarə dolduqca, Guşimə “Sonya”nın sədası gəlir. Bulvarı seyr edən adamlardan, Ruhə ləzzət verən madamlardan Guşimə “Sonya”nın sədası gəlir. Zurnanın xunksar havasından, Bakıda milyoner balasından Guşimə “Sonya”nın sədası gəlir. Millətin “aktyor” dəhanindən, Şairindən, filan-filanindən Guşimə “Sonya”nın sədası gəlir. * * * Qiyamətmi qopar Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar? Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar? Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə; Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə? Maryanı xoşhal edib zövqü səfaya yetməyə, Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar? Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq, Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq, Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq, Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar? Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var? Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar? Fikr edib kəşti çıxardar, pul verib olluq suvar, Pul verib başların aldatsaq, qiyamətmi qopar? Harda biz aciz müsəlman görsək, ani bizlərik. Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik; Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik, Arı namussuzluğa qatsaq, qiyamətmi qopar? Leyk min alim əgər mənbərdə olsa bərqərar, Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar. Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar? Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar? Kim Tükəzbanla otursa, evdə bir gün görməyir, Işvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir. Maryanın nazilə gülmür, həm bizi güldürməyir, Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar? * * * Birbəbir Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir, Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir. Əvvəli bu qəzetçi də sanki edibdi məsləhət, Molla, plovdu, hey yazır, başına söz olub qəhət. Gündə bu molla söhbəti, gündə oruc sözü, əvət, Mən bilirəm ki, bunların yazdığına nədir cəhət, Taki, bu molla yazığın boş qala yanı birbəbir. Qəzetçinin də arta ta qəzet alanı birbəbir. Indi bu molla da daha ağzın açıb şikayətə, Zorba xitabələr yazıb, nəşr eləyib cəmaətə; Ondan əlavə məscidə kim ki, girə ibadətə, Söyləyir: adə, köhnələr, səbr yetib nəhayətə. Küçədə axtarıb tapın qəzet yazanı birbəbir, Öylə vurun ki, hamının qoy çıxa canı birbəbir. Qəzetçi bildiyi kimi tazələri yığışdırıb, Mollaların hücumunu dəf üçün hamısı durub. O vurub, molla qışqırıb, molla vurub, o qışqırıb, Qəzetçi molla yazığın ağzını lap ovuşdurub, Indi yazır əski qapı, əski dabanı birbəbir. ..................................... Yaxşı baxanda qızlara qəzetçi bihesabdır; Mollanın isə məqsədi, fikri, plov kababdır. Əkşi, sənin də içdiyin hamı bilir şərabdır, Tiri gözündə görməyir, özgədə geysuyabdır. Indi, hərif, söyləyim yerdə qalanı birbəbir, Xalqa yazan çərən-pərən, yalan-palanı birbəbir. Doğrudur, bu xalqa bəzi sözləri siz deyirsiniz, “Dini, şəriəti tutun” moizə eyləyirsiniz, Leyk, hərif, söz özünüz əksinə eyləyirsiniz, Xalqa “oruc yemə” deyib, siz özünüz yeyirsiniz, Razımısan deyim hələ filan-filanı birbəbir, Indi, hərif, sən də de, varsa yalanı birbəbir. * * * “Mehtər Nəim”ə Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Söyləyib millət sözün sübhi-məsa dad eyləmə! Millətin keçmişlərin barmaqla tedad eyləmə! Milləti-qafil iştəmir sən də ki, fəryad eyləmə! Çox da kəskinləşdirib əşarını ad eyləmə, Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Ay əfəndim! Millətin yoxdur həyadan qisməti, Zəlamü cövrü cəbir zillətdir müdam sənəti. Xoşlamır düzgün həyatı, xoşlayıbdır bədəti. Sən ha qışqır, bir çağır! Vallahi yoxdur qeyrəti, Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Söyləmə bielmlikdən millətim oldu zəbun, Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün Cəhli dağı bir quru şeydir: degildir Bisütun Istəyorsan xalidun yaz, fadxülun yaz, yədxülun! Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Millət ancaq “feyma”nın köftarına guş eyliyor, Restoranlarda şərabi-badəni nuş eyliyor, Qəmzeye dilbərmi və nab onu bihuş eyliyor. Sən çağırdıqca, o ancaq yarı bir duş eyliyor. Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Gər alimi-şair olsa, yazsa suzişli kəlam, Söyləsə ey “of”i, ya “iskiy”, ya xəlqi-əvam! Olmayun aludə keyfə, cəhlə sühbi-şam. Eyləməz təsiri əsla məst olublar batamam. Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ölsə də tapmaz bu gülüşləri Süratəlmüstəqim. * * * Səbətə ithaf Görüm olsun o qamışlar sənə peykan, a səbət! Verməyirsən mənə göz açmağa imkan, a səbət! Çəkirəm hərdən on-on beş gün azından zəhmət, Yeddi-səkkiz kitaba baxhabax, eylə diqqət, Hər kitabdan alıram bir-iki söz, bir söhbət, Yazıram, göndərirəm şeir, alım bir şöhrət. Yazdığımdan oluram sonra peşiman, a səbət! Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət! Şerimin çox sözü farsi, ərəbidir, rusi; Türki azdır var isə, ancaq ol da məxsusi; Deyirəm şerimə həsrət qalacaq Firdovsi, Çün səşənbə toxunur çeşmimə posta qutusu, Sustalır əldə qələm, qəlbim olur qan, a səbət! Kim məni etdi səninlə belə üdvan, a səbət! Bilmirəm mən nə yazım bəlkə bəyənsin bu müdir, Nə ki zəhmət çəkirəm hamısı bibəhrə gedir. Şerim axır səbətin lap dibinə seyr edir, Vallah, bir dəfə sənin belinə sallam kəndir, Ataram təndirə, sonra deyərəm yan, a səbət! Necə ki, etmiş idin sən məni büryan, a səbət! Adını harda eşitsə, saralır şairlər, Nə ki şeir oğruları, bəlkə böyük mahirlər. Mən bilən səndə yatıb çox yekəbaş mayirlər, Tapdılar, bilmirəm, hardan səni bu kafirlər? Səni icad eyləyən xanəsi viran, a səbət! Görüm olsun baş-ayaq vasili-niran, a səbət! Daha sən təngə yetirdin bizi, ey bivicdan, Hər nə yazdım “rabatay” hamı səbət oldu, dayan; Nadürüstlük malısan, bizlərə vermirsən aman, Nə bəlayi-bəd olubsan, bizə, rədd ol burdan! Vallah, çernil qurudu, sındı qələmdan, a səbət! Qənim olsun sənə ol xaliqi-sübhan, a səbət! * * * Bilməsəydi Dövran edərdi dövrün, rəftar bilməsəydi, Gündə günah edərdim, qəhhar bilməsəydi. Hər nə desəydi Zina, mən səbr edib dözərdim, Dünya adamlarından lap ülfəti üzərdim, Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim, Amma məni o zalım mındar bilməsəydi. Hər nə desə, onunçün dərhal mən alardım, Versə riza, yanında məskən salıb qalardım; Lap küçədə gəzəndə qol boynuna salardım, Lakin məni bu məxluq dindar bilməsəydi. Pul qurtarınca dərhal mən oğurluq edərdim, Gündə adam soyardım, xalqın ətin didərdim. Çox işlərin dalınca mən xəlvəti gedərdim, Amma Babada”Şəbrəng Əyyar” bilməsəydi. Dini-zadı atardım, tək Zinanı tutardım, Ondan ötrü həyatı, namusu da atardım, Vallah ki, pul qurtarsa, lap börkümü satardım, Amma məni xəlayiq biar bilməsəydi. Bilməm nə var bu xalqa daim edir məzəmmət, Illah ki, bu qəzetçi bilmir həyavü hörmət, Lap cini aldadardım, düşsə əlimə xəlvət. Təzəpirin yanında cindar bilməsəydi. Daim oruc yeyərdim bir gizli restoranda, Xalqa tutun deyərdim, vardır oruc, Quranda. Lakin oruc yamandır, derdim urus soranda, “Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi. Mümkün deyildir hərgiz bu arzular, ey dil, Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül Xalqı soyub, puliylə Həccə gedirdim, hər il Əhli-behişt olardım, gər nar bilməsəydi. * * * Yumruq (2) (2) Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı, Məhərrəmdə... bazlıq, keçir ləzzətdə hər zadı! Nə var, ay bixəbərlər, tutmusuz Hürzadı, Pərzadı? Cahanda qəm çəkib, fikir eyləyib, dad etməyə dəyməz! * * * Tövbə Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Məni bu qəzetçi aldatdı, yolumdan azdım, Öz əlimlə özümə çahi-bəlanı qazdım Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım: Olsa idim sizə tabe bu cürə olmazdım. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Siz deyən sözlər hamı doğrudur, indi qanıram, Qanıram, sizdən uzaq olmağıma çox yanıram, Hər nə mən sizlərə böhtan demişəmsə danıram; Sizi bundan sonra mən sadiqi-dövran sanıram, Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Siz deyirdiz ki, nə lazım qızı insan bilmək, Əşki-xunbarını ya şəfqət əlilə silmək, Qızın hər bir işini Tanrı salıbdır ilmək, Onun hər rəncü əzabinə gərəkdir gülmək, Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Qızı döyməkliyə, söyməkliyə verdiz fərman, Öldürün qızları, onlar ki, deyillər insan. Buna mən şəkk eləyib etməyir idim iman, Indi əlhəq qanıram, vardı sübutum əlan. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Mən də bundan sonra zülm eyləyərəm nisvanə, Deyərəm, öldürərəm, yəni gətirrəm canə. Əzərəm baş-gözünü, baxmaram heç vicdanə Tövbə... tövbə, yenə tövbə, gəlirəm imanə. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. * * * Olmağa Ay Baba, mən bu sözü yardım əyan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Köhnələrin hamısı bu işə etmiş qiyam, Güclülər acizlərin baş-gözün əzsin tamam. Bu işi bərk tutmağa razı olub xasü am. Başlayıb acizlərin baş-gözü qan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Sonra bu şairlərin hamısını döyməyə, Şairə şey satmayıb, lap üzünə söyməyə; Çünki olar qoymayır xalq özünü öyməyə, Hamısı məhkum olub həsrəti-nan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Bir də bu məktəblərin hamısını yıxmağa, Həm də müəllimlərin burnunu bərk sıxmağa, Qət eləyib cümləsi şəhri qoyub çıxmağa, Dağlı kimi dırmaşıb dağda çoban olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Sonra da bu tazələr böylə ediblər yəmin, Hamısı tərk eyləsin möhnəti, dərdü qəmin, Maryanı bərk-bərk tutub, evdə ata həmdəmin, Çox-çox içib vodkanı gündə piyan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Mən də ki, and içmişəm bir də “Qəyur” olmayım. Indi ki, yoxdur yerim, göydə tüyur olmayım, Səhni-səmadan düşüb əhli-qübur olmayım. Olmayıram mən qəyur, dərdə nişan olmağa, Mən oluram kəmşüur sahibi şan olmağa! * * * Şair və artist Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam? A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam? Ş a i r – Bığların harda qalıb? Yoxsa qoyubsan evdə? A r t i s t – Millətin nəfinə saqqal, bığı lazımdı yolam! Ş a i r – Bığa bax, saqqala bax, ay bərəkallah belə baş? A r t i s t – Şerə bax, şairə bax, başına düşsün yekə daş. Ş a i r – Bu sifətlə özün insan sanır, a başına kül!.. A r t i s t – Yazdığından necəyəm: pis deyiləm ki!.. Di çəkil. Ş a i r – Millətin boynuna minnət də qoyur tülkü sifət. A r t i s t – Sənə nə, sən nə deyirsən, çıxa canın uzan öl. Ş a i r – Yarım arşın saça bax, ay bərəkallah belə baş! A r t i s t – Baş deyil, lap küdüdür, üstünə düşsün yekə daş. Ş a i r – Yaxşı gəl əyri otur, düz danışaq, ay mirzə! A r t i s t – Bən ki, bir söz demirəm, sən danışırsan hərzə. Ş a i r – Hərzəgu lap babanın babasının babasıdır. A r t i s t – Çox uzaq getmə, əlindən suda verrəm ərzə. Ş a i r – Sən də donosbaz imişsən? Bərəkallah belə baş! A r t i s t – Bərəkallah başına! Üstünə də bir yekə daş. Ş a i r – Yaxşı, bir söylə görüm, millətə verdinmi səmər? A r t i s t – Bu nə sözdür? Oyun bir həftə çıxır, yoxdur nəfər. Ş a i r – Pulu bəs kimlərə çatdı o tiyatorlarının? A r t i s t – Özümə, lap özümə! Qeyrisi də vardı məgər? Ş a i r – Çox gözəl xidmət imiş, başına düşsün yekə daş. A r t i s t – Sən özün böyləmisən millət üçün, ay yekəbaş. Ş a i r – Bən də şair babayam, şeir yazıb nəşr edirəm. A r t i s t – Yaxşı, bir azca tez ol! Yoxsa işim var gedirəm. Ş a i r – Bəs dayan di, hara qaçdın? Qutarım söhbətimi. A r t i s t – Sonra, sonra gələn həftə, bu qızı bən görürəm. Ş a i r – Yeri bulvar qoduğu! Bəs qız üçünmüş bu təlaş? Millətin aktyoru! Ay bərəkallah belə baş! Qız dalınca yügürür. Başına düşsün yekə daş. Hatifi-Qeybi bulardan gözləmək imdad əbəsdir. Çağırma: “Milləti-biçarə” – bəsdir!!! * * * Dağlılar Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlar qalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər qövmdür ki, qorxudan kimsə onlara yaxın düşə bilməyorki, işlərindən bir xəbər bilsin. Əmma necə olduysa bu günlərdə bən bədbəxt gəlib nagahan dağlıların arasına düşdüm. Gözümü açıb özümü Dağlı məhəlləsində görcək igidliyimi yığışdırıb, istədim mayallaq vurub bir ayrı məhləyə düşüm ki, dağlılar bəni görməsinlər. Amma yenə dedim: Lənət kor şeytana!.. Dayan, bunların da işlərindən bir xəbər bil! Belə qət elədim ki, gedim bunların məscidinə: Həmi cəmaət namazı qılım, həm də məscidlərdən bir xəbər bilim. Bən öylə bilirdim: orucluq ayı, ehya günü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəqt açılacaqdır?.. Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, bir damcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evindədəstəmaz alub gəlir. Məscidə tərəf baxıb gördüm: Paho... məscid bağlı! Qapısında da bir dənə zorba, paslı qıfıl var!.. Pəncərənin qabağında 7-8 dənə siçan çomur-çomur oynayırlar. Dərhal anladım ki, məscidin rəisləri çox insaflı adam imiş! Çünki məscidi açsaydılar, bu siçanlar narahat olardılar. Axşama qədər gəzdim, qayıtmaq istədikdə 15-ə qədər dağlılara rast gəldim. Hərəsinin əlində zəncir olduğu halda “Şirvanlı” məscidinə gedirdilər. Birisinə yaxınlaşıb dedim: Allah sizin rəislərinizə əcr versin çox... O biri bənə çatıb soruşdu: Sən kimsən?Dedim “Babayi-əmirin Əyyarlarındanam!” Bunu eşitcək on beş adam düşdü üstümə: Bənə zəncir... bənə zəncir... Gördüm ki, işim yaşdır, tez başımı ayağımın altına qoyub öylə atıldım ki, bir vəqt ayılıb gördüm. Çənbərəkənd qəbiristanlığındayam. O yan-bu yana baxıb gördüm heç kəs yoxdur. Yavaş-yavaş şairliyim coşa gəldi. Dərhal bir çöldə qalmış müsəlman ayağını qapıb daşa bu sözləri yazdım. “Hər kəs inanmayorsa gedib oxusun”. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar! Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Bən dedim atınız yabanı, elmə eylərsiz həvəs, İstiyorsunuz əgər müsəlmanlara səsbəsəs, Bən bu işdən qorxur idim, qalmış idim binəfəs. Yaxşıdır, bilmişsiniz kəndiniz ürfandır əbəs Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Büsbütün unutmuşsunuz əldə tapança, xəncəri, Sirr edirsiniz Rüstəm duran kimi hər bir yeri, Qeyrət üstündə mat etmişsiniz şirü-nəri. Adə zalımlar! Tamamən titrədirsiz yerləri, Əhsən! Əhsən! Bir də əhsən! Mərhəba, ay dağlılar! Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Qeyrət təqsim edəndə sizlərə çatmış tamam, Kani-hümmət, kani-qeyrət dağlılardır xasü am. Qan töksəniz, oğruluqdur sənətiz hər sübhi-şam. Cəhd ediniz ta əldə qalsın bu gözəl işlər müdam. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Məscidiniz bağlı, siçan oynar içində sərbəsər, Məscidə hər qədər baxdım: yoxdur insandan əsər, Məscidə getmək nədir? Insan olan kəs baş kəsər! Düz yolu tapmışsınız hər bir cəhətdən müxtəsər. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! * * * Böhtan yazılıbdır Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Bəsdir daha tənqid elədin xas ilə ami, Çox yazma, danışma daha, tul etmə kəlamı, Təngə gəlib istər axundu, istər əvamı, Çün hər birinə bir yekə dastan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Bu barədə bədnam elədin molla Babanı, Zalım kişi, təngə gətiribsən bu cahanı, And içmiş əlindən dəxi bu xalq nəhanı. Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır, Qatilliyə bir sahibi-iman yazılıbdır. Əkşi, nə işin molla olub maili-ehsan, Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan. Sən də, hünərin varsa, buyur ye, a gic insan! Molla belədir, alnına ehsan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Qəyyum deyilsən ki, bizimçin çalışırsan, Biz bir pis iş etdikdə nöyüt tək alışırsan. Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?! Zalım, deyəsən, bizlərə sultan yazılıbdır, Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır. Dərya ola çernil, yazasan min dənə peyman, Ölsən də ki, molla yeyəcək hər gecə ehsan. Əkşi, sənə nə? Molla yazıq ölsün acından? Kim baxmaz ona vasili-niran yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. * * * Görməkdəyəm Milləti-məhzunu binitqü nida görməkdəyəm, Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm. Bağlamaq bel ya güvənmək çox çətindir zahidə, Var itilgetməz beş-on cüt, yox olardan faidə! Onlara içki-qumar olmuş pozulmaz qaidə. Hamısın millət işində biəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Millətin çox yarısı hambaldır, palan ilə gəzir, Üçdədördü falçı, rəmmaldır, yalan ilə gəzir, Bir çoxu seyidnümadır, kim fəğan ilə gəzir. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm, Milləti-məhzunu binitqü nida görəmkdəyəm. Milyonerlər Zinkanın eşqində olmuşlar cünun, Hacılar Arşaq deyib dad eləyirlər qəlbi xun. Əcnəbilər kandarında binəvalar gör zəbun. Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Bircə bax bədbəxtliyə bu qəzetdə bihal olub, Mey yazır, dilbər yazır, şair bizə dəllal olub, Bu mühərrir də danışmaz zalım oğlu, lal olub. Cümləsin millət yolunda bisəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Ay Baba, sən söylə bari millətin kirdarını, Sürt üzünə çernili, tənqid elə hər karını, Sən də, şair, söyləmə yarın ləbi-gülnarını, Milləti onsuz da şürbə canfəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Yazgilən arsızları, görcək bərəltsin gözlərin, Boynu şalbandan yoğundur, seyyidin, yaz sözlərin. Müftəxordurlar axundlar, bəsləyirlər özlərin. Mollalarımızdan çoxun mən bixuda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Görmüşəm, görməkdəyəm, görrəm durunca ruzigar, Etməyir saziş onunla çərxi-dövri-kəcmədar. * * * Qızlardan kişilərə protesto Ay Baba, bu evdə oturmaq nədir? Bizlərə zindan çətindir, çətin! Bəs ki, özün yaxşı bilirsən bunu, Haləti-nisvan çətindir, çətin! Lap kişilər təngə gətirdi bizi, Lobya, noxudvarı sanırlar qızı, Ay Baba, bu əsrdə tapmaq düzü, Sahibi-vicdan çətindir, çətin! Qız döyülür, qız söyülür hər zaman; Oldu qızın halı yamandan yaman! Bəsdi daha, ay kişilər, əlaman! Bizdə qala can çətindir, çətin! Tanrı bizi qul yaradıbmı sizə? Kim buyurub cövrü cəfa qıl qıza? Böylə keçərsə, durarıq lap üzə, Zülm ola hər an çətindir, çətin! Altmışillik pəzəvəngin biri, Heç özü bilməz ölüdür, ya diri, Yeddi yaşında qızın olmuş əri, Vallah, bu nisyan çətindir, çətin! On iki yaşlı gözəl oğlan əgər, Altmış il hey döyülə sərbəsər, Altmışillik qarıya olmaz ər, Çünki bu fərman çətindir, çətin! Biz daha anlamışıq hər işi, Zar olacaqdır əlimizdən kişi, Dinsə, başından vurarıq biz şişi, Olmasa insan, çətindir, çətin! Biz nə qədər səbr eləyək zillətə, Cövrü cəfavü ələmü möhnətə? Haydı, qadınlar, çataq hürriyyətə! Qalsa bu dövran, çətindir, çətin! Indi xəbərdar edirik ərləri, O yekəqurşaq, yekə peysərləri, Xoşluq ilə açmasalar dərləri, Sağ qala dərban, çətindir, çətin! Özləri min yerdə çəkirlər səfa, Bizlər üçün günbəgün artır cəfa, Indi ki yoxdur kişilərdən vəfa, Qaçmasaq ondan, çətindir, çətin! Söyləməsək biz də uruslar kimi: “Von kişi, burdan!” çətindir, çətin! * * * Kontorçularımız Aman, kantorçularımız, dad sizdən, Bizi zar eylədiz, fəryad sizdən! Nə üçün bizlərə yer verməyirsiz, “Bizə lazım deyil müslüm” deyirsiz, Uşaqlar ac qalıb, rəhm etməyirsiz? Gözəldir, vallah, bir cəllad sizdən, Aman, kantorçularımız, dad sizdən! Acından qırmaq istərsiz bizi siz; Məgər bir əcnəbidən tənbəlik biz? Veriz beş yüz yerinə bizlərə yüz... Çətindir gözləmək imdad sizdən, Aman, kantorçularımız, dad sizdən! Gedirsən, yalvarırsan, yalvarırsan, Papağın xaki-payinə salırsan, ... tək qışqırır, lap mat qalırsan. Aman, kantorçularımız, dad sizdən! Gözəldir bizlər üçün yad sizdən! On il təhsil edib, qal həsrəti-nan, Canın çıxsın, müsəlmansan, müsəlman; Gedib sal başına bir zorba şalban. Aman, kantorçularımız, dad sizdən! Sözüm yoxdur daha, fəryad sizdən! * * * Namə (Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündə eynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır): Aşna, çox xoşdur bu dövran, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Salma səs, xalqı oyatma, iş düşər çox əngələ, Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ. Layla çal qoy bir qədər yatsın, uşaqdır çün hələ, Böylə dövran lap qiyamət qopsa da düşməz ələ. Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Söylə mövhumatı, qoy məxluq düşsün heyrətə, Söylə, zülmü, tarı qismət eyləmişdir övrətə, Arvadı incitməyi isnad versin qeyrətə. Qorxma, jurnallar nə yazsa kar eyləməz millətə. Lap qırılsa evdə nisvan, mən bilim qoy, bir də sən. Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Söylə mövhumatı, Adəmdən tutub bu əsrədək, Vaxtımız çoxdur hədisbazlıqdan ötrü həsr edək. Xəlqin əqlin çaşdıraq, vardırsa bir az, kəsr edək. Döndərib bu sayədə köhnə komanı qəsr edək. Toz tutarsa evdə Quran, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Siğə təklif eylə xalqa, qoy hamı sevsin səni, Noxtala ha, mən biləndir, çək bir Iran ölkəni, Kimdə gördün var fərasət, söylə bu olmuş yeni, Tez bir ad qoy – babidir de, lap cuhuddur, erməni Olsa da həqgu bir insan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Al zəkatı-xümsü, onlar bizlərə məxsusdur, Bivələr, baxma həyatından hamı məyusdur. Hər biri gördün gözəldir, siğə qıl, namusdur Qaldığı qoy ac otursun, qisməti əfsusdur. Versələr də ac-susuz can, mən bilim qoy, bir də sən, Layla, çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Cəhd elə, ta qoyma millət bir ayılsın xabidən, Hökm elə şairlərə yazsın şərabi-namidən. Hər mühərrir dinsə, döydür, taki düşsün tabidən. Qoyma millət bir də çıxsın düşdüyü girdabidən. Çırpınır zillətlə hər yan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. * * * Qızıma Fikrini vermə nə elmə, nə də ürfanə, qızım! Çoxdur elmin zərəri din ilə imanə, qızım! Oxuyub elmi, evin eyləmə viranə, qızım! Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım! Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə; Qələmi xarici məzhəb kimi alma əlinə. Vurma ləkə daha, Allahı sevərsən, elinə. Elm bir şeymi, verə mənfəət insanə, qızım? Nə rəvadır salasan möhnətə qəmsiz başını, Edəsən xalqın arasında xəcil qardaşını; Get bişir evdə, bala, düşbərəni, bozbaşını, Verginən meylini xingalə, fisincanə, qızım! Otur evdə, atanın eylə pinə çul-çuxasın; Ananın bitləginən sübhü məsa baş-yaxasın. Elm üçün insan atarmı atasın, həm anasın? Ağlını başına yığ, heç olma divanə, qızım! Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə; Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə; Inəyə yem veribsən, qulluq elə it-pişiyə; Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım! Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə, Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə; Vermərəm boynu qıraxmallıya, ya injenerə, Razı olmam düşəsən zülm ilə zindanə, qızım! * * * Bulvar hara, məktəb hara (Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi) Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da; Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Rədd olub getmişdi məktəb başımızdan birtəhər, Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər, Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər, O deyir, bu söyləyir, insan olub lap dəngəsər. Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir? Hər nə var, qızlarda var, sənət bizə biganədir. Boşla dərsi, məktəbi ondan gözəl meyxanədir; Hər kəs elmə meyl etsə, doğrusu divanədir. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə... Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə? Bilmirəm hansı... bu məktəbi saldı dəbə? Indi var on beş yaşım, qoy məktəbə getsin bəbə! Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər; Onları xərc eylərəm, lap azı on beş il gedər. Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər; Şoğərib məktəb edir insanın ömrün lap hədər. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil; Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül; Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül; Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır. Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır. Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır. Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! * * * Hürriyyət və təsəttüri-nisvan Ay Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundan qabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə bağırırdılar. Hətta iş bir məqamə çatmışdı ki, hər kəs,istər şair və ya mühərrir olsun, bismillah əvəzində “hürriyyəti-nisvan”,– deyə bağırırdı. Mən də öz-özümə dedim: – Gördün ki, iki nəfər sənə dedi piyansan, qoy başını yerə ki, piyanam; yəni vaxta ki, filan əfəndilər “hürriyyəti-nisvan”i yaxşı bilirlər, deməli, yaxşı şeydir. Odur ki, hürriyyəti-nisvan deyə bir şəstlə banladım. Doğrudan da, hürriyyəti-nisvan mən başa düşən kimi olsaydı, elə yaxşı olardı! Mən belə anlayırdım ki, hürriyyəti-nisvan bundan ibarətdir, məsələn: arvad oxuyar ədəb alar, uşaqlarına ədəb verər, kişiylə rəftar eləməyin tərzini öyrənər. Daha döyülməz, doktor-moktor olub, müslimələrə müalicə edər; uşaq saxlamağı öyrənib uşağa tiryək verə-verə daha çöpə döndərib öldürməz. Xülasə, belə işlərə mübaşirət edərlər. Bununla özləri də asudə olar, millət dəxi səadətə yetər. Indi görürəm, xeyr a... hürriyyəti-nisvan mən zənn etdiyim deyilmiş, bir ayrı şey imiş. ... Hürriyyət və təsəttüri-nisvan, ikisi də ondan ibarətmiş ki, arvad üz-gözünü, döşünü, sinəsini, əl-ayaqlarını... layıb bulvara, kluba, oyanbuyana çıxsın. Indi özüm də məəttəl qalmışam ki, biz hansı hürriyyətinisvandan istəyirdik. Əgər sözümü dəbbələyim, o vaxt mənə də bəzi intelligentlərimiz kimi məzhəbsiz deyəcəklər. Əgər dəbbələməyib desəm ki: hə, hələ yaxşı hürriyyəti-nisvandır, bu da yaramaz, Molla Babanın müridləri ilə qələt eləyib, belə işə “hə” demərəm. Xülasə, qalmışam cənnətlə cəhənnəm arasında. Qızlar da o qədər qudurmuşlar ki, gətirib “Babai-Əmir”də kişilərə protesto yazmışlar. Eh, vallahı, onları o qədər döydürürəm ki, Molla Baba özü də afərin deyər. Demə yazıq Molla Baba qabaqca bilirmiş hələ mən də bilirdim. Amma bu xalqı başa sala bilmədik. Şairliyim yavaş-yavaş cuşə gəlir, deyəsən, protesto yazacaq. Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Deyərdi Molla Baba: qoymayın bu qızları dərsə, Bizə kələk törədər qız ülum təhsil edərsə. Yazıq ha dad elədi, qız azar, dərsə gedərsə, Bu xalq inanmadı, fırlatdı düzgün işləri tərsə. Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Adam kimi oxuyursuzsa, pudra-mudra nədir bəs? Gedin günüzləri dərsə, gəlin evə yenə bisəs. Deyən gərək bulara bu klub nə şeydir, a nakəs!? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Əvvəlcə duymuşdum qızların kələklərini mən, Ha söylədim, ha dedim, heç kəs eşitmədi məndən; Adam tutub ayıra, bu qızın başını bədəndən; Xülasə, lap çaşıb ağlım, baxır bu xalq da gendən, Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Əvvəlcə anlamamışdım nədir təsəttüri-nisvan, Deyirdim elm oxuyub, qız olar özünə bir insan. Necə ki, hökm eləyib müsliminə ayəti-Quran, Döşün açıb gəzəcəkdir bilirmiyəmmi Tükəzban? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Bu vaxtda yaraşırmı, xanımlarım, bizə bulvar? Eşitmişsinizmi bizim türklərdə böylə məsəl var. Əvvəlcə çıx yoxuşu, sonra gözlə pişdə həmvar; Siz indidən ki, belə tutmuşsuz, bununla nə artar? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! * * * İranlı dedi – bildim İranlıların mən hamın həmmal sanıram, Tacirlərə bir kan imiş Iran, nə bilim mən. Bu həmşəri zalımları bielm bilirdim, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Yazdın qəzetə fors ilə amadə cəfəngi, Guya ki, keçib elmdə Iran Firəngi. Çəkməz, ölə iranlı nə tiryək, nə də bəngi. Yox bircə nəfər Ənzəlidə, Rəştdə cəngi Hər kəs də desə, öylə vurarlar sınar əngi! Bir söhbəti-fərman imiş Iran, nə bilim mən, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı səsi çıxsa düşər lərzəyə əflak, Qeyrət, nə var iranlıda var, hamısı bibak, Hacı Molla Ələkbər kimi yox sahibi-idrak. Dərman üçün iranlıda olmaz kişi tiryak! Ağzı əgilər kim ki, bu sözdə ola şəkkak. Bir hakimi dövran imiş Iran, nə bilim mən, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Mərdə gərək iranlıya versin bu cəmaət, Iranda göbək yazmağa yoxdur deyor adət. Bir yanda zavod, fabrika, bir yanda sənaət. Yoxdur nə şəqavət, nə bəxalət, nə ədavət! Bundan sonra iranlıya lazımdı itaət. Bir məsləki-insan imiş Iran, nə bilim mən. Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı da məntiq sözünü yaxşı qanırmış, Məntiqdən uzaq düşməyə zalım utanırmış... Tənqidi-qəzet al-verəni birgə sanırmış. Qəzi zərər etdikdə o biçarə yanırmış. Iranda bu cür qarpızı başlar yaranırmış... Başdan-başa fantan imiş Iran, nə bilim mən. Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı deyəndən böylə məlum olur əhval, Doxtur-zad imiş hər nə ki var küçədə həmmal. Yox bir nəfər İranda nə falçı və nə rəmmal. Iran da dirildi, dəxi çal təblini təbbal. Iranlıya bir can imiş İran, nə bilim mən, Bir guşeyi-rizvan imiş Iran, nə bilim mən, Zadeyi-şannan imiş Iran, nə bilim mən Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. * * * Yumruq (3) (3) Qarı nəvəsi Cuqqulu dəllək dükanında Yaxşı qumarxanə açıbdır, a qumarbaz. Hər kəs ki, qumar oynamaq istərsə buyursun, Dəllək dükanından da ki, bir yaxşı yer olmaz. * * * Dəllək ... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır. (Hələlik qulaq verin) Bir dəllək idim, qırxardım gündə beş-on baş, Dəllək dükanı özgəyə karxanəyə döndü. Hər nə qoçu var şəhrdə cəm oldu tamami Axırda dükan zor qumarxanəyə döndü. Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən, Bir başı yolunca düşür insan daha əldən, Lap üzdüm əlimi daha mən bu pis əməldən, Qırx altı manat pul yığım gündə şətəldən, Daxmam vurub axır yekə kaşanəyə döndü. On beş il olar əvvəlki çəm ilə yoluram baş, Daim ac idim, tapmayır idim sulu bozbaş, Imdi çoxalıb pul, yeyirəm hər gecədə aş, Əvvəlcə qumarxanə açaydım dükanı kaş, Dəlləklik evim yıxdı ki, viranəyə döndü, Tikdim onu şimdi yekə kaşanəyə döndü. * * * Yoxsa yox Bu yuxudan, bilmirəm, islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Büğzü ədavət daşını tullayıb, Bir-birinə yar olacaq, yoxsa yox? Qıl nəzər ətrafa, görərsən o dəm: Milləti-islam qoyun tək yatıb; Qarətü qətlə verib öz fikrini, Qeyrəti namusu kökündən atıb, Irzü həyavü ədəbin cümləsin Cifeyi dünyayə satıbdır, satıb. Böylə keçərsə əgər on səkkiz il, Millətimiz xar olacaq, yoxsa yox? Bu yuxudan bilmirəm, islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Rəxnə əgər düşsə bütün aləmə, Eyləməyir millətə əsla əsər. Cəhlü nifaqə verib öz fikrini, Ömrü rəzalətlə keçir sərbəsər. Hamı müqəvva kimi biruhü can, Çanta dalında dolaşır dərbədər. Xabi-cəhalətdə yatan, söyləyin, Axırı bidar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Cəngi-cidalə qızışıb qəzetlər, Söhbəti-millət unudulmuş tamam, Bir-birini söyməyə adət edib Qəztəçilər-məztəçilər sübhü şam. Kinü qərəzdir hara qılsan nəzər, Illər ilə... eylər davam, Qəztəçisi kinli olan millətin Bəs özü qəddar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Məhv olacaq füqr ilə biçarələr, Cümləsi imdadə qalıb intizar. Leyk qənilər hamı işrətdədir, Millət işindən çəkilibdir kənar; Hər gecə bulvarda, klubda gəzir, Anna xanımla eləyir iftixar. Naləvü fəryada qulaq verməyən, Söylə görüm kar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Tapdı səadət yolunu qeyrilər Elmə könül vermək ilə hər zaman. Leyk müsəlman hələ də mürgülər. Durmağa da zərrəcə yoxdur güman. Rəmlə baxanda belə məlum olur: Çox yatacaqdır hələ islamiyan. Sonra ayıldıqda, bunu bilmirəm Layiqi-kandar olacaq, yoxsa yox? Bu yuxudan, milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? * * * Olacaqsan Varsa hünərin cəhd elə ərbabi-fəsad ol! Min fitnə törət, şan qazan, sahibi-ad ol! Guş etmə sənə kim ki desə, əhli-savad ol! Min hiylə ilə xalqı soyub, bir yekə zad ol! Aydın, işıq aləmdə çalış, tirə nəhad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Iç gündə şərabı, gələ ta cisminə bir can; Vur gündə qumarı, boşala kisəvü həmyan. Ixvanını aldat, pulun al, qoy ola giryan; Bidətlərini axıra vur, olma peşiman, Islamı dağıt, ol yenə də pak müsəlman. Qoy başına əmmamə, gedib Molla Cavad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Iranlı kimi tiryəkə, bəngə elə adət. Cəhd eylə ki, bilsin səni “sadiq” bu cəmaət. Onda sənə çox tapşıracaqlardır əmanət. Sal cümləsin öz adına, ol əhli-xəyanət. Insafə yaxın düşmə əgər qopsa qiyamət. Et tövbə öləndə, sağ ikən hamili-dad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Kef çək, bu cahanda qəmi-ixvanına yanma, Viran ola dünya, yenə xabından oyanma. Qalsan qapaz altında qızar, lakin utanma, Mən söyləyirəm istər inan, istər inanma, Bu sözlərimi sonra qanarsan, hələ qanma. Iç qanını xalqın, hələlik ağcaqanad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! * * * Bilirəm Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. Leyk yazdıqların əsla eləməz xalqa əsər, Söyləyirsən, çığırırsan, bağırırsan da hədər, Yenə millət, babası getdiyi yol ilə gedir. Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər. Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. Yazdığın daşları hərçənd kəbab etmədədir, Köhnələr indi də bicliklə savad etmədədir, Hamısı çəngü tərəb şürbə şitab etmədədir, Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir. Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. O ki, bir çoxları dövlətlilərinin zadəsidir, Hamısı ləhvü ləəb, bicliyin amadəsidir, Atası – lal, babası – əldə olan badəsidir. O qoduqlar hamısı qızların iftadəsidir. Onların dərdinə bir Anna dəvadır bilirəm, Millətə hər nə yazırsansa, rəvadır bilirəm. Hər nə yazsan yeri var, yazma itilget sözünü, Iş məqamında görərsən hamı örtər gözünü. Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu, Boş yerə çırmalanıb, ortaya tullar özünü. Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm, Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. * * * Arzu Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Məktəb deyəndə lərzə tutur cismi-zarımı, Bulvar yanında eyləyir əskik güzarımı, Hər gün bu məktəb artıq edir intizarımı. Bundansa... kaş atam qazıyaydı məzarımı. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Gündə gəlib müəllim edir vəzi-moizə, Tülkü, inək, qoyun, keçir axırda ilbizə. Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza. Vallah, çərən-pərən, nəyə lazım bular bizə? Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Məktəb binasını yekə bulvar tikəydilər, Bir dəstə modalı mənə paltar tikəydilər, Bu qırmızı xəritəni şalvar tikəydilər. Qızlar geyəydi leyk bir az, dar tikəydilər. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Bulvarda vardır işvə ilə nazı qızların, Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin, Dəftər-kitaba bax, çıxa tainki gözlərin, Cismin zəif olur, kəsilir tabı dizlərin. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Əzbərləyir kitabı, buraxmaz birin dala, Guya ki, oxşadır bizi zənbilli hambala, Bir az dilin çaşarsa, yazar “iki” jurnala, Şeytan deyir; bu uçteli dur yaxşı tapdala! Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! * * * Arvadlar deyirlər Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Düşbərə, bir filməsəl, şit düşər isə əgər, Evdə qiyamət salır, hər nə bilirsə söyər; “Adə, a heyvan qızı”, yoxmudur ağlın məgər? Dinsə əgər arvadı, haydı, doyunca döyər. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Gündə qumar oynayır, bilməz işin dalını; Baxtalayır arvadın sırğasını, şalını; Içkiyə sərf eyləyir yerdə qalan malını. Kim bizə bənd etdi bu həmşəri hambalını? Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Gündə gedir bəlkə bir rus xanımın yanlasın, Arvadını tullayıb evdə pərişanlasın, Yaz buları jurnala, xəlqi-cahan anlasın, Bəlkə o bədüzləri qeyriləri danlasın. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Axırı arvadların qəlbini xun etdilər, Əqli-səlim əhlini yaxşı cünun etdilər, Əlif kimi qamətin həlqeyi-nun etdilər. Müxtəsər, arvadları xarü zəbun etdilər. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! * * * Kişilər deyirlər Vallah, gətiriblər bizi lap cana qadınlar, Heç oxşamayırlar belə insana qadınlar. Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır, Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür, Sındırdı, güvəc boşqabı guya ki, donuzdur, Hər nə desələr arvada, vallahı ki, düzdür. Insan deyil, oxşar hamı heyvana qadınlar; Vallah, gətiriblər bizi lap cana qadınlar. Arvad nə? Uşaq, ər nədir? Insan dili bilməz; Paltarları hisdən qaralarsa, yenə silməz; Insan kimi dil bilsə əgər, böylə döyülməz; Yox fəhmü zəkası, yenə də ar edib ölməz Insanlığın adabına biganə qadınlar; Çıxsın necə insan kimi meydanə qadınlar?! Bir qədri də vardır oxuyub elmi-filanı, Bir az da bilir qatma-qarış rusi lisanı, Bir kəlmə də türkicə danışmaz, çıxa canı, Guya ki, veriblər əlinə cümlə cahanı, Yainki çıxıb təxti-Süleymana qadınlar, Baxmaq diləməz hali-müsəlmana qadınlar. Fikrində nədir? Modalı paltar, qısa şalvar; Fikrində nədir? Pudra ilə rəng, iki xalvar; Fikrində klub, bir kavaler, bir də ki, bulvar, Təqlid eləyir qeyriyə murdar qızı, murdar. Oxşar belə quyruqlu obezyana qadınlar, Dünyanı ediblər dəxi virana qadınlar. Təqsir özünüzdə, nəyə fəryad eləyirsiz? Bir-bir kişinin eybini tədad eləyirsiz; Min hiylə qurub, min kələk icad eləyirsiz. “Qırdı bizi ərlər”, – deyə boş dad eləyirsiz, Bizdən açılın bircə, a divanə qadınlar! Qoymaz dəxi bu bicliyi bir yana qadınlar. Vallah, gətiriblər bizi lap cana qadınlar; Heç bənzəməyirlər belə insana qadınlar. * * * Dəng olduq Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən! Bir gün olurmu millət azad sənin əlindən? Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən; Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən. Ta hər işin o şəxsin məxluqa bildirirsən. Bir biclik etməyir xalq icad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Dəllək dükanın etdi bir kəs qumar yuvası; Yaxşı mədaxil aldı, yüksəldi iştəhası; Yazdın onu qəzetdə, dağıldı hər əsası, Çox keçmədi ki, oldu bərbad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Biçarə Vamiq oldu avara öz elindən, Məcnunu sən ayırdın Leyli kimi gülündən, Hətta bu cür deyirlər, bir ravinin dilindən: Başın daşa çalıbdır Fərhad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Hərgah sən olmasaydın hər kəs işin bilərdi; Birsi adam soyardı, birsi cibə girərdi; Firon hələ min il də Allahlıq eyləyərdi. Gizləndi qəbr evində Şəddad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən Qorxudan indi xalqın gizlənmək oldu şuğlu; Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu Yıxdın evin bu xalqın, adə, a zalım oğlu! Vallah, camaat olmur dilşad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!.. * * * Demədim İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Millət əfradı unutdu hamı həsbü nəsəbi; Elm təhsilinə sərf eylədi həm ruzu şəbi; Mən bilən ki, ona lənət oxuyur cəddü əbi, Baxmadı hərçi deyib dad elədi Molla Cəbi. Rükni-dinin biri də rəngi-hənadır, demədim? Ay, Baba, işlərimiz xeyli fənadır, demədim? Ortaya saldı özündən hərə bir tazə dəbi, Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi. A kişi, arvad hara, bayram hara, kimdir səbəbi? Bir yerə cəmləşib saxlaya mövludi-nəbi? Oxumaq milləti-islama bəladır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Qız hara, məktəb hara, dərsü qələmdan hara? Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara? Ay canım, arvad hara? Zümreyi-insan hara? Qız ki, şeytan kimidir, biz hara, şeytan hara? Evimiz bir heçin üstündə binadır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Baxın indi oxumuş qızlara tüğyan eləyir; Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir; A kişi, arvad da özün bir yekə insan eləyir. Tuf belə adətə olsun ki, müsəlman eləyir. Arvada layiq olan cövrü cəfadır, demədim? Ay, Baba, işlərimiz xeyli fənadır, demədim? * * * Əsrimizin qəhrəmanları (Dörd pərdədə roman) “Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış olanda, bəzi məlum səbəblərə görə öz müsəlmanlığını gizlədirdi (Bir o deyil, müsəlmanlar hamısı belə edir). Nəsir nə qədər rusca danışmaq bilirdisə də, yenə hərdən çaşıb öz müsəlmanlığını bildirirdi. Odur ki, tanış olanda özünü erməni adı ilə qələmə verirdi. Bir dəfə Nəsir “Liza” adlı bir qız ilə tanış oldu. Liza nə qədər “Sən müsəlmansan!...” – deyə Nəsirə təkid etdisə, Nəsir: “Mən erməniyəm!” – deyə təkrar edib, Lizanı inandırırdı. Bir dəfə Nəsir Liza ilə bulvarda gəzişirdi, birdən nəhs kimi, bir erməni bunlara rast gəlib, erməni dilində nə isə danışmağa başladı. Liza erməninin nə dediyini soruşanda, təbii olduğu kimi, Nəsir bilmədi. Liza dübarə şübhəyə düşüb qara, yox-yox, göy gözlərini Nəsirin üstünə süzdü; Nəsir Lizaya danışmağa macal verməyib tez başladı: Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Çoxdandı sənin mayilü müştaqin idim mən, Amma ki, qaçırdın niyə ahu kimi məndən? Bir dəfə sənə söyləyirəm, yaxşı inan sən! Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Hərçənd dilim ruscada hərdəm çaşır, amma Şəkk eyləmə müslüm deyiləm, zərrəcə əsla!.. Mən erməniyəm, erməniyəm... ümməti-Isa. Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Olsaydım əgər müslüm, olardım yekə balvan; Heyvandır – özün yaxşı bilirsən ki müsəlman. Mən erməniyəm, ismi-şərifim də ki: “Vartan” Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Başda “katoloq”, əldə “trost”, çəkmədə zəncir... Aç gözlərini diqqət elə, bax mənə sən bir. Baxdıqca mənə neyçün olursan belə dilgir? Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Aldatdı bizim Lizanı bu şivəli gövtar, Yumdu çənəsin dinmədi kaftar qızı kaftar. Kor şeytana lənət deyib oldu Nəsirə yar, Eylərdi Nəsir bu sözü hər bəzmdə təkrar: Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Hə, indi keçək söhbətə. Paho... Bu yandan da müdir gözlərini ağardır ki, çərənçilik lazım deyil, “əlfəcin palaji!” Yaxşı, qoy qalsın, sonra danışaram. * * * Hə, sözümüz harada qalmışdı? Nəsir birdən gördü ki, Liza bir qədərondan kənar dolanır. Bir dişlərini ağartdı, gördü xeyr, Liza heç məhəl qoymayır. Nəsirin bir nəfər Həsən adlı dəxi yoldaşı var idi. Lizanın üstündə Nəsir ilə dalaşmışdı və babasının goruna and içmişdi ki, Lizanı Nəsirin əlindən alsın. Erməniyə də, demə o pul verib göndərmiş imiş. Nəsir gördü ki, indi Həsən Lizaya tərəf gedir. Əndamına lərzə düşdü. Başı gicəlib gözü qaranlıq gətirdi. Amma məqsədi Həsənin peysərinə bir şapalaq salmaq idi. Mütəəssüf, cadulanmış kimi tərpənə bilmədi. Deyəsən, yerə mıxlanmışdılar. Bütün aləm gözündən düşmüş, guya qara buludlar onu əhatə etmişdir. Guya ürəyində röya kimi keçirdi, pullarımı tamamilə konfetlərə sərf etdim. Gecələr gözlərimə yuxu getmədi, belbağı, saat, üzük aldım. Onlar cəhənnəm, yüz o qədərini də alım. Təki Liza dübarədən mənə yar olsun. Bu halda Nəsirin qulağına süruşiğeybi kimi xəfif bir arvad səsi gəldi. Nəsir, Liza zənn edib dərhal qollarını açdı və: “Can, Liza, gəl!” – dedikdə, gördü qabağında bir sailə müsəlman arvadı dayanmışdır. Bunu görüncə: “Itil burdan, kafirin qızı!”– deyib üzünə bir şillə vurdu ki, səsindən az qalmışdı gavi-mahi kürreyiərziburaxıb daban alsın. Bu dəmdə Nəsir gördü ki, haman erməni bir yanda gəzir. Dərhal üzünü çevirib dedi: Adə, Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Beş aydı o gündən o pərizadı tanırdım. Hicrində onun şəmə çu pərvanə yanırdım. Amma ona bir söz deməyə mən utanırdım. Öz dinimi, ayinimi məcburi danırdım. Adə, Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Çoxdandı məni hicr odu bimar eləmişdi, Həsrətlə məni-qəmzədəni zar eləmişdi. Eşq atəşi lakin məni biar eləmişdi, Xaliq onu bir növi mənə yar eləmişdi. Adə! Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Liza xanımın etmiş idim adını əzbər; “Mən erməniyəm”, söylədim ol mahə mükərrər. Liza inanıb eyləmiş idi mənə bavər, Gəldin nə bilim, “Asma hayes, turkes, ay axper”; Şeytan balası axperinə, zadına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Gəldin bura ki: “xoskamasım hinç ozum asma”; Şeytan kimi saldın araya tezcə müəmma. Rusca deyə bilməz deyəsən: “vot xoroşo da”; Məlun balası, indi durub tapdalaram ha! Rədd ol buradan, it balası, adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Verdim pulumu qənfətə, etdim dilimi şad, Oldu mənə qismət nə isə ah, o pərizad. Güclə əlimə salmış idim bir qədi şümşad, Şeytan balası indi mənim dərdimə məzdad. Adə! Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Bir zümrilə etdin evimi, səyimi bərbad, Şirinə məni-bikəsi qıldın yenə Fərhad. Ey taleyi dun, dad əlindən, yenə fəryad! Bu yolda mənə etdiyin imdadına lənət! Dünyadakı abadına, bərbadına lənət! Bu halda Nəsir başını qaldırıb gördü ki, aləm başqa aləmdir. Müdir əfəndi müqabilində dayanıb deyir ki, müxtəsər elə, bir para mühərrir taslaqları kimi özünü piyanisgəliyə vurma. Mabədi qoy gələn səfərə qalsın. * * * Nəsir dərhal Həsənə yetişib: – Filan, filan şüdə! Nə haqla mənim barişnama yavuq gedirsən?.. Həsən də: – Əcəb eyləyirəm! – dedikdə, Nəsir şapalağı rədi-səmavi kimi Həsənin “pudra”lı üzünə endirdi. O da Nəsirin təzəcə daranmış saçlarından tutub: – Ya valı, vali, vəxti mədəd əst!.. – davaya şüru etdilər. Sən məni vur, səni... Cəmaət yığışdı. Hər kəs gəlib baxır: “Tfu, diki tatarin!...” – deyə yoluna düzəlir. Yasavul gəldi; hər ikisini polisəyə sürüdülər. O dedi: təqsir Həsəndədir; bu dedi: Nəsirdədir. Xülasə, hərəsini 20 manat cərimə edib buraxdılar. Nəsir dərhal yoldaşı Mirzəbalanı çağırıb: – Al, bu da 20 manat; gedək Həsəni xəlvətdə doyunca döyək... Həsən də qorxudan bıçaq gətirdi. Nəsir ilə Mirzəbala, Həsənə çatıb hülqumladılar. O da tez bıçağını çıxartdı, Mirzəbala onun alnından dəmir ilə elə vurdu ki, Həsənin bıçağı əlindən düşdü; əyilib bıçağı götürdükdə, Nəsir tez yerdən qapıb, Həsənin sinəsinə sancdı. Allah rəhmət eləsin! O saat Nəsiri polisəyə, oradan da qazamata göndərdilər. Dustaqlar başına yığıldılar; səbəbini soruşdular, o da olan əhvalatı danışdı. Dustaqların xoşlarına gəlib, bir ağızdan söyləməyə başladılar: Çox zirəklik eləyibsən kişi, vallah, malades! Hayfını yaxşı alıbsan, bərəkallah, malades! Daha qəm çəkmə, gülüb xürrəmü şad ol, a gədə, Hayıf altında dolanmaq çox ayıbdır igidə: Vurasan öz biçağilə o çıraqban səkidə! Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Yaraşır indi sən öl – lap qoçuluq adı sənə – Ki, bu cür ğalib olubsan... Həsənə. Qoçu olmaz demək hər qorxub özündən əsənə; Qoçuluq tək yaraşır sən kimi bir başkəsənə. Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Yığışıbdır buraya, bax, bu qədər şəxsi-dəcəl; Buların hamı edibdir hələ sən tək cəncəl. Qoymayıblar ki, hərifi durub açsın belə əl. Hərə bir şiri-jəyan, hər biri cəlladi-əcəl. Sən də zirəklik edibsən kişi, vallah, malades! Hayfını yaxşı alıbsan, barəkallah, malades! Çox adam var: hələ qorxur ki, bu viranə girə; Burada çox-çox olur taxtabiti, həm də birə. Nə zərər qeyrət üçün getsə də insan Sibirə... Hamısı bir səs ilə söyləyir: “Əhsən Nəsirə!” Yaxşı zirəklik edibsən kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Hərçənd bu sözlərdən Nəsirin qoltuqları qarpız tutmayırdı; amma yenə Lizanın fikrində idi. Arvadı, uşaqlarını çoxdan unutmuşdu. Xülasə, xeyli zaman keçdi, vaxt oldu... Hə, inciməyin, başım hələ tez ayılıbdır, nə xeyr! Borclu- borclunun sağlığını istər. Mabədini sonra yazaram. * * * Bir, iki, üç kərə Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Anlamayır da deməsən bir sözü, Allah, aman, bir, iki, üç kərə. Bəzisi var cəhlə tərəfdardır, Xoşlamayır elm, ədəb, sənəti, Zahiri mömin, başı səccadədə, Fikri şəriət, sözü din söhbəti. Batinə baxsan görəcəksən, paho, Boşlamayırlar yenə də bidəti. Sənəti bidət, belə zənn eləyir, Tanrı bununçun yaradıb cənnəti. Altmış il söylə nəsihət ona, Anlamaz əsla ki, yox heç qeyrəti. Dolduruban Molla Həmid beyninə Arpa, saman bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Mollanümalər yetib on milyona, Günbəgün artır, daha da bollanır, Hər nə ki Iranda xəkəndazçı var, Molla adıyla buraya yollanır. Milləti-biçarə qazandıqların Sərf eləyib mollaya, yoxsullanır. Günbəgün molla tuluq tək şişir, Pulları da cəm eləyir, pullanır, Mümkün isə cəhd eləyir salmağa Ortaya qan bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Qoy bu itilgetləri tərif üçün Tirməyə döndərməyə öz kişlərin. Boş yerə qəflət deyə dad eyləyir, Vaxti-zərurətdə sıxar dişlərin. Ölsə həkim, ya da ki, bir advokat, Millət üçün tiz edəcək nişlərin. Üzv ola Cəmiyyəti-xeyriyyəyə, Manqala hər gün düzəcək şişlərin. Qoy bu itilget sözünü bir yana, İndi hələ anlamışam işlərin. Onları qoy vodka içib olmağa Gündə piyan bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Qoy hələ, artisti qoyaq bir yana, Şərh eləyək pulluların halını. Çünki xəsis tək hamısı axtarır Tapmağa ölmüş ulağın nalını. Tərk edir imanını yüz min kərə, Bir qəpik artırmaq üçün malını. Millət üçün istəsələr bir qəpik, Bil ki yolar qırmızı saqqalını. Əkşi, yoruldum, mən ölüm, əl çəkin! Siz ki bilirsiz bu işin dalını. Pullu fəqirə nəzər etməz, əgər Versə də can bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Anlamayır ta deməsəm bir sözü, Allah, aman, bir, iki, üç kərə. * * * Itilget Hər kəs özü qəm çəkməyə daradır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Heç yada gətirmə bu yazıq millətin halın; Fikr etmə ki, millət itirib cahü cəlalın. Hərçənd görürsən gələcək zülmü zəvalın, Çıxsın canı, çəksin hərə öz fikrü xəyalın. Hərçənd ki, biruhi-müqəvvadır itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Qış getdi, bahar üstünə fırlandı bu dövran; Çox çəkməyəcəkdir bitəcək sünbülü reyhan; Bax mənzəreyi-aləmə, ol valehü heyran. Hər kəs çəkə millət qəmi insan deyil, insan. Çıx bağa, gəziş, gör nə dilaradır, itilget, Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Millət ölür ölsün, qazıyaq lap ona bir gur, Qalxız başını, fikrü xəyalatdan ol dur, Bulvarda itilget meyi-gülfam ilə məxmur, Qızlar dolaşır, cənnəti guya ki, gəzir hur. Bir canalıcı dilbəri-zibadır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Axtar, tap özünçün sarı geysuli pərizad; Vur qol-qola, gəz bulvarı, olsun ürəyin şad: Rüxsari-dilarasına bax, şeir elə inşad, Qoy xalq oxusun, söyləsin əhsən sənə, ustad! Pəh-pəh, bu kişi şairi qərradır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Təkrar edirəm sözlərimi bir də dübarə, Millət qəmini bir, mən ölüm, tulla kənarə; Ver fikrini, çəngü tərəbə, nazlı nigarə, Bax şövqi-təmam ilə gülüstani-baharə. Bizim-tərəb hər yerdə mühəyyadır, itilget! Cəm əldə gəzir, sağərü səhbadır itilget! Qəbir, gor Uzaq Xumarlanmış Saç * * * Unudulmaz yara Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Millətin əhvalını sal yada, get, qaldır qədəh! Vermə, dil dərdü qəmə, bir həftə dünyadır, gözüm! Millətin halına baxsan, möhnətəfzadır, gözüm! Sən gəmi olsan əgər, möhnət ki dəryadır, gözüm! Qəm çəkib fikr eyləmək, vallahı, bicadır, gözüm! Yerdə doldur, göydə iç, dəryada get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Xan qədəh, sultan qədəh, sail qədəh, quldur qədəh, Toy qədəh, matəm qədəh, bayram qədəh, boldur qədəh; Vur qədəh, vurdur qədəh, xarrat çağır, yoldur qədəh, Al qədəh, aldır qədəh, qaldır qədəh, doldur qədəh. Məclisi-peyğəmbəri-valadə get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Çox da millət rəhnümasızdır, düşübdür dərbədər; Millətin fəryadına guş etmə, olma pürgədər; Nəf yox millət işində, parə yox, yox simü zər; Qəm yemə, fikr etmə, zalım, etmə öz ömrün hədər! Millətin dadın eşit, imdada get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Millətə qəm çəkmə, millət vaqifi-halın deyil, Girmə bir cəmiyyətə dərmani-iqbalın deyil, Adə, millət, bu itilgetlər ki, hammalın deyil; Vur, dağıt, millət evin sındır ki, öz malın deyil; Sonra da bu xaneyi-bərbadə get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! * * * Özün bil Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil; Təqdiri-qəza sanma ki, asandır, özün bil. Cəm oldu bütün mollanümalar hamı xoşnud; Hər nə Bakıda, Gəncədə olmuş ola mövcud; Istərlər hamı etməyə bir az səni məhdud; Bəzi götürüb balta, çomaq, bəzisi behbud. Zənn etmə ki, bu şəhrdə ehsandır, özün bil; Yox, yox, Baba can, qətlinə fərmandır, özün bil. Əvvəlcə sənə söyləmiş idim kəlamı, Yazma bu qədər jurnalına xəlqi-əvamı, Bu mollaları jurnala yazmaq da rəvamı? Olmaz ki, itə mollaların şöhrəti, namı, Molla kişi, sövdagəri-rizvandır, özün bil; Oldur ki, xəlayiq sənə düşmandır, özün bil. Jurnalda yazarsan nə ki var mollada nöqsan; Ay molla, nə var, əyri otur, düz danış hər an. Sövdagəri-qılman eləyibmiş səni Quran; Oldur ki, gəlib qeyzə bütün sakini-Salyan. Hər guşədə bir şurişi-tuğyandır, özün bil; Yazma daha molla sözünü, qandır, özün bil. * * * Novbahar Şad ol, könül ki, fəsl yenə novbahardır; Hər yerdə bəzmi-eyşü tərəb aşkardır. Bulvarda Annalar eyləyirlər səyahəti; Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti; Var doğrudan da bulvara çıxmaq ləyaqəti; Ey dil, bu bəzmə getməyinin var səfahəti. Bulvar demə, behişt kimi laləzardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Bax, diqqət eylə lizaların xəttü xalına; Ağlın gedər baxan kimi rüxsari-alına; Bihuş olunca, diqqət elə gül camalına; Baxma bu qəztə-məztəçinin qiylü qalına; Vallah, o da Marusyalara cannisardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Millət itirdi şövkətü şanın, cəhənnəmə! Zillət kəsib cahanda təvanın, cəhənnəmə! Aclıqdan az qalıb verə canın, cəhənnəmə! Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə! Millət evi cəhənnəmə ki, tar-mardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Yığ şəlpə-şülpəni, bulvara qıl səfər; Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər! Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər, Aldanmaram qəztəçiyə, dad eyləmə hədər. Millət qəmindən itilgetlər kənardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Ruhun var isə millət işin qoy kənarda, Millət qəmini kim çəkəcək novbaharda? Çıxsın canı, nə borcuna, yatsın məzarda. Get işrət eylə, məqsədi-insan nigardır; Fikr etmə ki, bu cür hərəkət nagüvardır. Hər kəs dedi ki, millət işi ahü zardır, Söylə ki, vaxt yoxdur hələ, novbahardır. * * * Nə edim Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçün yeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini bir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona: – Ata, bayramdır, bizə yemiş al, – dedikdə, biçarə utana-utana qızına belə cavab verirdi: Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim? Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad; Onlara çünki müyəssər olacaqdır hər zad, Kef çəkib, bizləri heç etməyəcəklərdir yad. Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad! Məni məğmun eləyib dövri-zamanım, nə edim? Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim? Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs; Bir mənim də nəzər et haləti-naşadıma bəs; Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs; Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Yox qənilərdə tərəhhüm bizə imdad eləsin, Bizi bir qulluğa təyin eləyib, şad eləsin, Bəlkə bu möhnətü qəmdən bizi azad eləsin, Dil dolanmır ki, qəmü möhnəti tədad eləsin. Quruyub kəsrəti-qəmdən bu zəbanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Məni bədbəxti-zaman eylədi bu taleyi-dun; Bilirəm qüssədən axır olaram mən də cünun; Fikr qıldıqca dolur bu dili-naşadıma xun; Rəhmsizlər evi aləmdə ola künfəyəkun! Çaxçada yox ki, mənim bir quru canım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Hər nə hasil edirəm, külfətə sərf eyləyirəm; Hər nə ki pul alıram, külfətim ilə yeyirəm; Əlli ildir hələ bu köhnə çuxanı geyirəm; Mənə bir yer veriniz hərçi deyib, söyləyirəm. Indi qəm çəkməyə də yoxdu amanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? * * * Müznib əfəndi Təng etmə bizə bu yekə dünyanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Xudsərliyi millət özünə eyləmiş adət, Əzasinə bilcümlə edib cəhl sərayət. Bica yerə fəryad eləmə, ol, kişi, rahət. Öz fikrini millət boşamaz qopsa qiyamət. Bir dərdə düşüb yox hələ dərmanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Çalma “Dirilik”də bu qədər tarixi neylər, Tarix adamın halını pisdən də pis eylər. Ibrətsiz olan sərsəri tarixi nə eylər. Yaz küçə sözü, yaxşı roman, aşiqi şeylər. Məcnunluğa öyrət bu müsəlmanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Tarix salır xatirə əcdadi-nəcibi. Yaz aşiqi-məşuqədən, ol xalqın həbibi. Qoy millətin olsun hələ bir eşq nəsibi. Hər dəmdə çağır söhbətə Kəbleyi Qəribi Tənqid edə ol mərifətin kanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Ol bəzi mühərrir kimi, çat sən də muradə, Doldur cibini şövq ilə, söy xalqı ziyadə. Gündüzlər açıb ağzını gəl ney kimi dadə, Amma ki, özün xəlvəti iç hər gecə badə; Çıxsın bu yazıq millətinin canı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Keçmişdəki məşhur xanımlar qala dalə. Dəyməz ki, gətirmək oları bir də xəyalə. Yaz, bizləri valeh elə sən hüsnü cəmalə. Bəziləri tək gah mıxa döy, gahi da nalə. Varsa hünərin al əlinə sən də piyalə. Oldun yazıçı, al ələ rumkanı, a Müznib! Tərif elə həm sağərü səhbanı, a Müznib! Millət oyanan şey ki deyil, qopsa qiyamət; Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! * * * Müdirim Insafa gəlib rəhm elə mən zarə, müdirim! Qoyma məni bu dəhrdə avarə, müdirim! Şerim daha bəsdir səbətə oldu həvalə, Qoy jurnalına nəzm yazım, müştəri alə. Gər qoymayıram fərq nə dəymiş, nə də kalə, Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə! Yandırma məni həsrət ilə narə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Bir ay gecə-gündüz oluram şeirlə məşğul, Gah yazıram, gah pozuram, vaxt aparır tul; Bu şerimi vursan, olaram mən sənə lap qul, Çap etsən əgər, mən əvəzində verərəm pul. Çox baxma daha əyriyə, həmvarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Sən başlamısan: qafiyəsi əyri olubdur, Vəzni burada əyri düşübdür, tutulubdur; Vallahı, başım fikr eləməkdən yorulubdur, Bir bax səbətə, sovxana, şerimlə dolubdur. Düz gəlməyinə yox daha bir çarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Şair deyiləm vəzn ilə şeir eyləyim inşad, Ancaq yazıram xalq arasında qazanım ad; Hər kim məni gördükdə desin: afərin, ustad! Zəhmətlərimi lakin edirsən hələ bərbad. Oldum mən hədəf təneyi-əğyarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Bu dəfə də çap etməyəsən şerimi eyvah! Bir yaxşı düşün, eyləyirəm mən səni agah! Mən də olaram qeyz ilə bir zadəyə həmrah. Xəlqə deyərəm: müdir olub kafiri-gümrah. Axırda çəkərlər səni də darə, müdirim! Ver onda sən öz başına kəffarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! * * * Nə əcəb Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb? Nə bir nəfər tapılır bir kəsi edə rəncur; Nə bir vahid çalır bir fəqir üçün zənbur; Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhur Biri birin söyüb olmaz nəzakətindən dur. Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Qəztəçi, inteligent, milyoner, ziyalı, filan, Kababçı, ləbləbiçi, ortada-arada qalan, Qoçu, hacı, məşədi, molla, kəndli, bəy ilə xan Ediblər əhd ki, can söyləyib, eşitsin can. Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Ümuri-millətə heç kəs qarışmayırdı əzəl; Yox idi bir kişi cəmiyyətə qoyaydı məhəl; Odur ki, millət ələ almış idi cami-əcəl, Bax, indi səy eləyir hər nə varsa kor və keçəl. Özün bu millət içində sinaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Hamı dilər ki, ola millətin havadarı, Tutub əlini ola qəm günündə qəmxarı, Səadətə yetirən milləti-diləfkarı. ............................... Nədənsə millət içindən məraq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Əzəldə kimsə özünü bu yolda yormaz idi; Verəydi milləti can, əl işinə vurmaz idi; Məlali-millətə baxmazdı, hal sormaz idi, O şəxslər ki, “Nicat”a yaxın da durmaz idi, Dəri-nicatı döyüb taqqataq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Xəlayiq indi dilər millətə ola qurban; “Nicat”a üzv ola, cəmiyyətə ola qurban; Baxanda lap bulara ağıldan çıxır insan. Yetər, kömürçü çıxıb ortaya tutub meydan; “Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Yəqin ki, burda bir iş var, nəhan olur bizdən Və ya ki, əmri-cibiştan şitab edir bizdən; “Nicat”a üzv gəlir Ərdəbil və Təbrizdən. Deyilsə, ay Baba, bircə sual edim sizdən: Çatan çilenliyə bəxtin sınaq edir, nə əcəb? Bununla bəlkə üzün millət ağ edir, nə əcəb? Baxanda yollara, məxluq tappatap yüyürür; Iki əlin də üzünə dayaq edir, nə əcəb? “Nicat” üçün nə isə kəşməkəşdədir məxluq. Qəribə, millətimiz ittifaq edir, nə əcəb? * * * Aktyor Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsus artistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir. Dedim: – Aşna, nə var? Yenə filosofluqdan dəm vurursan. O: – Yox, görürsən ki, bir nəfər bir az diribaşdır, zirəkdir, yaxşı oynayır. O biri tez çalışır ki, nə tövr olsa, onu sıxıb kənara çıxarsın. Mümkünsə ona yol verməsin ki, məbada yaxşı oynayıb camaatın hüsn-rəğbətini qazanar. Hər cür olsa, onun ayağından dartıb yıxmağa səy edir. Biləbilə rolu eləsinə verir ki, o da səhnəyə çıxdıqda Ənzəli balqabağınadönüb qalsın. Mən: – Müsəlman ziyalısı, o da artisti-həsəd, əstəğfürullah, heç belə şey olmaz. O: – Sübut üçün, məsələn, cavan aktyorlarımızdan Hacı Hacınski, özü elə zirək, elə istedadlıdır ki, hər kəs yanında danışsa, ya çətin bir hərəkət göstərsə, o saat hərəkəti alar. O, ləhcə ilə danışıb, həmin hərəkəti də nöqsansız göstərər. Bir dəfə məşqdə oyun arasında ermənicə danışmaq lazım gəlir, erməni rolunu öhdəsinə alan cənab, yanında Hacını görcək, məşq əsnasında ermənicə danışmır və açıq-açığına: – Danışsam, o öyrənər, – deyir və: – Teatr başlandıqda danışaram, – sözlərini əlavə edir. Xülasə, mən ölüm, sən öləsən ilə boynuna qoyurlar. Ağzını açan kimi Hacı zalımoğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. Bir də gördüm bir artist həsəddən az qalıb bağrı çatlasın. Mən: – Canı çıxsın, istedadlı olsun. O: – Yox... axı, tək o deyil. Mən: – Aşna, artıq müşərrəf eləmə. Mən səni nəsrlə başa sala bilmədim, qulaq as, nəzmlə deyim: Pozma heç vəzi-mədarın, aktyordur, aktyor: Başlama tənqidə karın, aktyordur, aktyor. Sən bilirsən ki, olubdur aktyorluq sənəti, Fikri puldur, zikri puldur, yoxdur özgə niyyəti; Boş yerə, bu millətin boynuna yüklər minnəti, Fəxr edir, guya ki, ürfanə sürüklər milləti. Pozma sən də iftixarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Özgəni çəkmək qabaq, divanəlikdir, qıl nəzər! Çox da istedadı var, biganədir, bidərdsər; Istəyir tək oynayıb şöhrət qazansın simü zər; Bir onun tək oynayan olsa, alar qəlbin kədər; Qeyb edər şanü vüqarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Istəyir məxluq ona təzim qılsın bihüdud; Saxlasın hər ehtiramın, söyləsin, nadir vücud; Zirəki meydana çəkmək heç ona etməz nümud; Mümkün olsa tapdalar, görsə birində var umud; Sındırar qəddi-çinarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Görsə bir zirək, deyər: divanədir, gec getdi bu; Səy edər bişmiş aşına bəlkə qatsın buzlu su. Oynasa biçarə yaxşı, tez açar bir gövtgu, Büxldən məcbur olar olsun onunla həm ədu. Ləkələr hər etibarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Millətə xidmət deyil, fikri cibişdandır, gözüm! Zirəkə, bir əhli-istedadə düşmandır, gözüm! Qeyrinin iş bilməsindən o peşimandır, gözüm! Bu təəccüb iş deyil, çünki müsəlmandır, gözüm! Tərk edib namusü arın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. * * * Üstünə Bax, dəyənəklə gəlmişəm indi Babanın üstünə; Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!? Baxanda hər tərəf, bizim bu sərsəri cəmaətə, Mahal əmrdir, gözüm dolaşmasın qəbahətə. Yetər bu işlər, ay Baba, de bəs haçan nəhayətə? Cahan olubsa mürtəkib bu bədrəviş cinayətə, Qoşun yığıb, hücum edə bütün cahanın üstünə! Cahan cahan deyil daha, züluma aşiyanədir, Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir; Biri tərəhhüm etsə də, yəqin ki, xainanədir. Baba! Zəmanə bircə bax ki, gör nə cür zəmanədir? Tülkü də diş qıcırdadır şiri-jəyanın üstünə! Qlasnılar bütün hacı, hamısı hala bixəbər... Alır pulu, gedir yatır; nə inqilab, nə dərdəsər?.. Uçur fəqirlərin evi, qalır əyalı dərbədər. Bu pis zamanda pul da yox, Dum əhli hər gün, hər səhər Qapıb külüngünü gəlir uçuq komanın üstünə! Müsəlman əhli məst olub bütün meyü şərabdən, Görəndə Sonya, Lizanı gedir qərarü-tabdən, Öz övrətini sitr edir ziyayi-afitabdən, Götürmüş övrət həpsini de hansı bir kitabdən? Günüz gedib, gecə gəlir o binəvanın üstünə! Kömək gözətləmə, Baba, bu itilget-filanıdan, Tapılmaz onda bircə iş bəqeyri boş yalanıdan; Gecə-gündüz, pasaj, klub gəzib, düşür amanıdan, Olarmı gözləmək, Baba, bir özgə iş piyanıdan? Yüyürmə boş yerə daha o lül piyanın üstünə! Qəzetçi ilə şairin dolaşma heç mədarına; Biri söyüş yazır, biri qəzəl yazır nigarına; Bu bircə kəlməni, Baba pıçılda guşi-karına; Mühərrirəm, məqalənin düşərsə bəd damarına, Dayanma, tez yüyürginən get stəkanın üstünə! Kömək-zad umma kimsədən, daşın bu boş xəyalından, Gələrmi buğda, çırpasan nə qədər, boş çuvalıdan; Kömək tapılmağın işi məhaldır məhalıdan; Tək atlanıb aralığa, çəkilmə heç zəvalıdan, Qoyub da tiri çilləyə, gətir kamanın üstünə! Çətindir işlər, ay Baba, keçib boş ixtilatıdan; Bu millət az qalıb çəkə əlin bu bəd həyatıdan. Bizə əlac tapıb, tez ol, qutar bizi məmatıdan, Mahal əmrdir kömək gözətləmək “Nicat”dan Ümid var bir az yenə yüyür “Səfa”nın üstünə! Məgər ölübsən, ay Baba, neçin oturmusan belə? Tez ol kəməndi-kürzünü dübarədən götür ələ, Yıxıb dağıt bu bidəti misali-rədü zəlzələ. Yüz on yaşında bir kişi nə haqq ilə durub gələ On üç yaşında düxtəri-şuxü cavanın üstünə? Əvvəlcə xalqa faş elə danosbazın ədasını, Sora qlasnının ucalt Dum içrə hər sədasını; Bu tövr başla, ay Baba, işin bir ibtidasını, Yalan-palanı tərk edib gəl iftiranın üstünə! Yeri sükuta qərq edib, yüyür havanın üstünə! Bular düzəlməsə əgər, get Hac-Yavanın üstünə! * * * Uzun dərya (Siyahət xatiratımdan) Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri- nihan, xalq görə işləri gündən də əyan, sən də ki, qalma nigaran, çünki sənə yazmayıram xeyli zaman, şeir və ya meir-filan; indi dayan mən sənə bir-bir səbəbin söyləyim: ol vaxt ki, mən yazmağı atdım, o zamandan yatıram evdə yarımcan; neçə gündür ki, gəlib üstümə molla oxuyur “yasin”, Quran. Bəli, zahirdə dua eyləyir, amma ürəyindən tələsir, tezcə ölüm mən, qurula süfreyi- ehsan, gələ bu mollaya yağlı fisincan, oxuya bir-iki “yasin”, ala on beş manat ondan da, xülasə bu naxoşluq səbəbin də deyirəm: işdən olunuz müxbir və halı, mən ölüm saxla sualı, mənə ver bircə məcalı, sözümün var hələ dalı: günü bir gün yığılıb beş nəfər insan ki, hamı pak müsəlman; özü də tazə cavan, hər biri bir şiri- jəyan, Rüstəmi-dəstan, danışıb olduq hamı birgə bir “Gömurnat bağı” səmtinə rəvan, bircə dayan, gör hələ daldan nə gəlir: tez gedib ol dəmdə oturduq, üçü əyləşdi yerə, mən də ki, Əhmədlə ayaq üstə durduq. Danışırdıq, gülüşürdük; gəzişən qızlara hərdəm sataşırdıq, gedib hər dəm də olara qarışırdıq ki, bizə bir dənə “balvan!” da deyib qovlayalar, ta ki, o dəmdə qayıdıb kor-peşman dayanırdıq yenə əvvəlki yer üstə... geri baxdıqda nə gördük ki, gəlir bir yekə dəstə, hamısı xırda uşaqdır, yasavul boyları bəstə; o ki, bulvarda muzik-zad da çalırlar. Oturub cümləsi bizdən o yana, oldular həm söhbətə məşğul, sözü qılmayıram tul: qərəz Tanrıbala anladı karı, durub ol vaxt ayağa dedi ki: getməliyəm, mən onu tutdum: səni tanrı, oturubsan hələ bir qədri də barı! Bu oturdu. Bu tərəfdən də Kərim xan çənəsin əydi ki, bu xırda uşaqlar bizi döyməkliyə olmuş hamı hazır; onu da Məşdi Hacı eylədi rahət. O zaman mən də bilirdim iş alıb özgə qiyafət. Ayağa durdu o dəm bircə yasavul, dedi: ey şəxs filani! Niyə siz qardaşımı döymisiniz? Onda dedim: aşna, demə böylə yalanı, hamımız pak müsəlman, eləyirlər bizə böhtan; bu zaman bir səs eşitdim ki; qaçın, adə, gəlirlər, qaçın ha... Gəldi ayaqlar səsi. Amma mən utandım, hələ bir qədər dayandım. Birisi söylədi, ey şəxs “maşannik!”. Necə yoldaşsınız! Oldəm geri baxdım ki, sayım, bir də nə gördüm, hamı qaçmış, hələ mən bircə nəfər qalmışam. Üz tutdum olara, dedim: and olsun əziz canınıza, təkcə mənəm, hər nə bilirsiz, ediniz. Birisi dedi: əl çəkiniz ondan tutunuz yerdə qalanları! Qaçanları vurunuz öylə, bədəndən çıxa canları... Xülasə, bu da baş tutmadı. Birisi yapışıb onda yaxamdan məni saldı təpik altına; vah, vah nə yedin turşu-şirin, vur ki, vurasan. Təpik ol dəmdə ilişdi gözümə; sanki alov çıxdı gözümdən, burada getdim özümdən. Oyanıb bir də nə gördüm ki, öz evimizdəyəm, arvadlar hamı cəmləşib başıma; birisi deyib ağlar, birisi başımı bağlar. Dedim: aya, nə olubdur, ayağa durmağa cəhd eylədim, amma ki, nə gördüm daha yox məndə nə taqət, nə filan, Allah aman, halım olubdur nə yaman... Ay Baba! Oldur ki, sənə xeyli zaman yazmayıram; çox yatıram evdə, yarımcan hələ fikr eyləyirəm, bəs nə olubdur mənə, əhvalımı etmiş belə məğşuş, oluram saniyədə beş yüz on altı kərə bihuş, Baba, sözlərimə yaxşı elə guş, gəlir bircə bu söz yadıma ki, onda mənim yoldaşımın birisi... ki qaçırdı özü, amma ki, deyirdi bu sözü: Dövrəmi aldı duman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Mərd olan insan qaçar, Ta ki, qurtarsın təni, Sən də yerin varsa qaç; Yoxsa əzərlər səni. Gər dayanırsan dayan, Əfv elə bu bəndəni. Dursam əgər burda mən, Xub döyəcəklər məni. Yox ki başımda saman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Mən dəliyəm ki, salım Öz başımı cəncələ? Sən ki, dayandın, işin Düşdü yaman əngələ. Vaxt var ikən qaçım, Sən də ki, sağ ol hələ. Yoxsa düşərmi belə Qaçmağa fürsət ələ? Salma mənə heç güman, Mən qaçıram sən də qaç; Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Əhməd uzun qıçlıdır, Qaçdı qurtardı özün; Qaldı ki, o Mir Bəğəl, Söyləmirəm heç sözün; Mən də ki, heç durmaram; Söyləyirəm lap düzün; Tanrıbala döyülüb; Qan bürüyübdür gözün, Ensə yerə asiman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Bir də nə gördüm, qaçır Tülkü kimi Mir Bəğəl, Qaçdığı dovşan kimi Gözdən itiblər əzəl. Ortada mən qalmışam, Heç yerə çatmaz əl; Söylədi ruhum o dəm Cismimə: – Ey kəməhhəl! Etmə məni imtahan, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Cism sərildi yerə. Oldu cida huşdan; Qan damarıma donub, Düşdü daha cuşdən, San qaçırıb “Maryanı” Intelligent duşdən; Bircə bu üç kəlmə söz Çəkməyir əl guşdən: Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! * * * Babacan, bir gecə evdə oturub fikr edirdim. Necədir millətin halı, nədədir fikrü xəyalı? Oturub xəlvət ev içrə verir idim özümə belə zorba sualı: ki, on ildir bu bizim qəzetçilər gündə yazır zorba məqalə, hamısı zor eləyib əqlü kəmalə, bu hünərlər hələ nəsr ilə deyil, bir də görürsən yazılıb şeir-filan, yarısı yalan, müxtəsər hansına baxarsan hamı “hürriyyəti-nisvan” – deyə fəryad qılır, aləmi bərbad qılır. Bəzi yazır: qız oxuyub alsın ədəb, şarei-əqdəs dəxi etmişdi tələb, diqqət ilə fakir verilsə görülər qızlar hamı olmalıdır ər kimi azadə ki, heç kəs ona bir söz deməyə etməyə cürət, atıla pərdeyi-zülmət, yaxıla hayili-nikbət, gəzə hər yan, dolana xürrəmü xəndan, girə cəmiyyətə, ya başqa bu cür milli məkanə daha evdə oturub gəlməyə canə, o zamanlar ki, çəkir isti zəmanə, əriyib istidən evdə nə dönə zorba piyanə, sənə qurban belə biüzrü bəhanə, ola ərlər kimi onlar dəxi bir sahibi-fərman, edilə işləri asan, daha qultək satılıb, qalmayalar zarü pərişan, dili-büryan, gözü giryan, ürəyi lalə kimi dopdolu al-qan, nə sayılsın dəxi heyvan, nə döyülsün, nə də qol-qıçı əzilsin, hamı insan sayıla, bəlkə bu biçarə yazıq millətə dərman tapıla. Bəli, bu məsələyə səs verən oldu, nə qədər əhli-əba, molla yava, səbri-əda, kani-vəfa, bir də ki, Şiraz ilə Təbriz arasından yığılan molla öküzlər, olar hərçənd ki, öz xeyrini gözlər, deyəcəklər ki, hamı qızlara lazım deyil əsla, oxuyub elm bilə, gündə otuz dəfə gərək qız döyülə, həm söyülə, dinsə əgər ağzına vursun əri şillə, şapalaq, peysərinə biriki yumruq, belinə bircə təpik, qıçlarına bir neçə toppuz və çomaq, ta əzilə əl-ayağı, həm göyərə, həm də şişə dil-dodağı, hasili ömrün keçirə böylə səyaq ilə ki, ərz eyləmişəm. Hə, nə deyirdim ki, bayaq mən oturub fikr qılırdım, arabir öz-özümə belə deyirdim: nə qədər qəztəçilər dad elədi, bəhsdə lap ad elədi, qızları dilşad elədi, mən kimi bu dad ilə bidad ilə, fəryad ilə, azad qılıb eylədilər şadü-xürrəm. Hanı “hürriyyəti-nisvan”, hanı azadeyi-insan, nə səbəblə buna əfrad müsəlman, çalışıb eyləməyir şövq ilə çarə, harada qaldı o fəryad-fəğan, yenə oldu haman köhnə daban, bəs o zaman söylədilər millət oyandı. Hamısı bidəti dandı, zərərin xeyrinə qandı, budamı oldu fəsanə, atılıb getdi o yanə, bu da baş tutmadı, iş qaldı çobanə, yenə qızlar oda yandı, hamı möhnətdən usandı, yorulub, həm əzilib bir ölü tək yerdə uzandı. Baba, bu işlərə baxdıqca mənim halım olur xeyli pərişan, o zaman əl uzadıb bir qəzet aldım ələ, gördüm ki, yazıb əşrəfi-dövran, o nədir? Əxri- müsəlman ki, onun ruhuna qurban, adı da çıxdı yadımdan, o ki hər gündə otuz beş opera ortalığa tullayır asan, hamısında yazılıb yaxşı qəzəllər, hamısı aşiqi sözlər, oxuduqca adamın ruhunu yellər, bu sayaq şeir yazan olmayıb əsla, nə əzəldə, nə də axırda olar, kim budu bir şairi-mütləq, özü də etmiş özün lap o Füzuli babaya varis, bər haqq; vinovat, çıxdım, özümdən mən ölüm sınma sözümdən, yazıb axırda belə eylədi: a müsəlman! Bu da bir ilk qədəmdir ki, bizim səhnəyə də çıxdı xanım, həm oxudu şurilə şahnaz, arada oynadı bir az, atılıb getdi o gözəl bığlı xanım, yəni ki, ağdamlı canım, qız rolunu qız ifa edəcək, zor və hünər göstərəcək, bu şərəflə bu günə müslüm olan “Yomi-müqəddəs” deyərək, zərlə də tariximizə yazmalıdır. Mən burada söyləyim: ay can, nə gözəl oldu, müsəlman qızı da səhnəyə çıxmış, nə qəşəng iş, nə müqəddəs əməl, indi deyərəm səhnə dirildi, babacan, lap bu zaman qəlbim olub xürrəmü xəndan, otura bilmədim olvaxt sevincimdən, o dəm durdum ayağa, atılıb düşdüm otağa, qapını bağlayıban, körpə uşaq tək yüyürüb getdim uzağa. Tez əl atdım papağa, qapıb atdım göyə, urra deyə bir dəfə papaq düşdü sola, sonra da sağa, bu səfər düşdü qabağa, yenə də millət oyandı, daha urra deyə atdım papağı, düşdü o dəm yanmış ocağa, alışıb yandı bütün lap külə döndü, ürəyim burda döyündü, azacıq şadlığımın şiddəti söndü, bəcəhənnəm ki, papaq kül kimi yanmış, döndüm geri, tapdım qəzeti, ta oxuyub o gözəl işdən, hələ o ilk qədəmdən olum halı, oxudum bir də nə gördüm, Baba can, səhnəyə çıxmışdım “madam Vaskanyan”, Allah aman, heyif o papaqdan, bunu, ey kaş oxuyaydım haman əvvəlcə bayaqdan, təzədən bir də yüyürdüm ki, görüm bəlkə papaq sovxa dirilmiş, hələ bu dəfə də heç zərrə qədər kül də papaqdan yox idi, qəlbdə dərdim çox idi, kor-peşman oturub orda yerə söylədim: ey qəzetə yazanlar, bu nə işdir, tutaq operaçı nəfi üçün böylə edir, siz nə üçün qəzetənizə dərc qılıb xalqa verirsiniz? Burada bir təzəlik yox ki, əzəldən də “madam Liza və ya “Şura”-filan səhnədə tutmuşdu məkan, bir yekə meydan, yox idi bircə müsəlman, yenə də şükr ola ağdamlı özü pak müsəlman tapılır, naz ilə segah oxuyur, biz bilir idik bunu ki, səhnədə yox müslümə, ol səhnə işin qeyrə veriblər, oları qəsdimizə halı ediblər. Hələ, bişəkk, bizə xeyli gülüblər, işimiz ləng ikən ancaq papağım yandı nahaq, bir buna bax! Ortaya atmış özünü, millət oyandı, ay aman, mən də dedim, bəs nə olubdur? Nə olubdur? Nə olubdur? Nə olub səhnəyə çıxmışdır “Arus Vaskanyan”. Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban. Mən dedim şükr ola ki, müslümə çıxmış araya, Olacaq bir gün üzüm isti dəyərsə qoraya. Bizə daim o gülənlər hanı, gəlsin buraya; Baxıram millət oyandı, sözü qalmış soraya. Hələ tərif olunur bircə dama Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. Atılıb düşdüm o qədri ki, yoruldu ayağım, Heç nə yox, boş yerə manqalda yaxıldı papağım. Işi də əksinə gördükdə pozuldu damağım; Bunu görcək, ay Baba, gəldi mənim ağlamağım; Nə bilim ortaya çıxmışdır “Arus Vaskanyan”, Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban. Mən dedim hansı xanımdır görəsən eyləmiş ad, Səhnəyə çıxmaq ilə millətini eylədi şad. Görünür eylədi nisvanı qəzetlər azad. Yoxsa heç ortada bir şey yox imiş qeyri-təzad. Demə çıxmış araya bircə madam Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. Bu isə ilk qədəm, yol ver, a millət başına, Ağla, çünki yenidən çıxdı şərik bozbaşına. Özün azca yemisən, get xəbər et yoldaşına, Bu sayaq ilk qədəm dəysin əmi, öz başına! Nə imiş ilk qədəm: bircə Arus Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. * * * Halın necədir Ay Baba, söylə görüm, indiki halın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Söyləyirdin bizə daim niyə bu qədr yalan Ki, uzun oynanacaq səhnədə “Arşın mal alan?” Öləcək səhnə, drama, nə ki, var yerdə qalan. Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan. Di bu cəmiyyətə məqsudi-məalın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət, Hasili getdi drama baş-ayaq, bir rəhmət; Aktyorlar yığışıb axırı etdi hümmət, Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət. Di bu cəmiyyətə sorğu-sualın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Dirilib indi drama, kefim olmuşdur çaq, Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq! Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq, Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ! Başa gəldi, o sənin əmri-mahalın, necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Daha hər lobyasatan, çəkməçilərlə həmrah Oluban, küçədə verməkçin oyun, tapmaz rah; Dirilib gəldi drama, azacıq söz kütah, Ömür lütf et belə artistlərə, sən ey Allah! Söz ki bitdi, daha sındı pərü balın, necədir? Gələcək səhnə üçün fikrü xəyalın necədir? * * * Dram cəmiyyəti Kəmşüur Əyyarə Çıxmamış ortaya iş, Çox da fırıldanma balam! Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Mənə bir aktyoru De ki yox onda qürur; Necə ki, zərrə qədər Yox imiş səndə şüur. Bir ayır gözlərini, Niyə oldun belə kur? Bax o cəmiyyətə də Nə ki var orda tamam Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Açılıb əlli kərə Bu sayaq bəzmi-şüar, Mən də çox eyləmişəm Sən kimi fəxrü vüqar. Yenə puç olmuş hamı, Olunub “von” be məzar. Boşalıb fəxr yenə, Dolunub yəs ilə cam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Belə ki, mən görürəm, Bu müsəlmanın işin, Satacaq üç qəpiyə Nə ki var məzhəbü din. Mən də təqib eləyib Belə karın rəvişin; Bunu bir anlamışam Gələ gər yüz min imam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Yenə birisi deyəcək: “Mənə çox oldu cəfa”; Biri burdan deyəcək: “Yox o birisində əda”. Yenə əvvəlki həsəd, Yenə də bəxlü riya... Bu nifaq ilə de bir, Kim alıb kam, məram? Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Biri burdan deyəcək: “Mənə az çatdı ğruş”. Onu o biri söyəcək, Tutacaq qeyrini boş. Bir də gördün aparıb Təzə cəmiyyəti huş. Gedəcək işləri lap Bu sayaq ilə müdam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Hələ bir qədər dayan, Görəcəksən sən özün; O zaman xiyrələnər Daha da zorba gözün. Kəsilər onda dilin, Dolaşar onda sözün. Biləcəksən sən özün Ki, düşübsən necə xam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. * * * Sahib-zühur Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdın ki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!” Indi yaxşıdır? Mən sənə demədim ki, o məktəblərdə oxumağın axırı, boynuna xaç salmaqla qurtaracaq! Mən ha dad elədim, sən elə dedin – yox... Nə baxırsan üzümə, yoxsa yenə demək istəyirsən? – yox? Daha yum ağzını, bax, bu da qəzet, bu da müsəlman qızı “Zavedenie Svyatoy Ninı” məktəbini tamam edib, bir qızıl xaç da alıbdır. Bəh, bəh! Elə bu qalmışdı ki, qızlarımız boyunlarına qızıl medal, qızıl xaç da salsınlar. Yox, daha dünyanın axırıdır. Srağagün aşağı gedirdim, bir qapıda yazılıb: “Doktor Göhərxanım Əliyeva”. A kişi, oxuyub doktor olmağı məni yandırmır, götürüb bir də yazır ki: “Fəqir müsəlman xanımlarına müftə müalicə olunur”. Deyəsən, bu gəlib Allah verən dərdi sağaldacaq! Əgər bir naxoşun əcəli yetişibsə, istəyirsən pul ilə bax, istəyirsən pulsuz o öləcək ki, öləcək! Hə, nə var, Baba, gülürsən? Yoxsa şadlanırsan ki, müsəlman qızı məktəbi qızıl medal ilə tamam etmiş, yaxud müsəlman xanımı təbibə olub, öz bacılarına məhrəmanə kömək edir. Yox, Baba, indi bildim ki, sən də kafirsən. Vay atanın evinəcən, məxluq tamam kafir imiş! Oldu islam əhli səd əfsus kim, islamə dur, Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün; Qoymayın nisvanı viran məktəbə salsın özün; Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün, Bir baxın, qoydu xəlayiq axır adım “Kəmşüur”; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs, Taki nisvan milləti-islama olsun dadri-rəs, Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs; Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs. Düz yolu millət azıb, girdaba düşdü misli-kür, Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Zərrəcə islama qızdan nəf ola qabil deyil; Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil, Əlli il təhsili-elm etsə, yenə kamil deyil; Ay canım, qızlar ki, insaniyyətə daxil deyil. Qızlara insan deyib, məxluq edir başına zur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Qızların təhsili dini-paki eylər sərnigun; Naqisül-əql olmağından elm ilə çıxmaz cünun. Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun, Sonra da paltar geyir, islamı da etmiş zəbun. Bunlara bişək çəkir düzəx zəbanə çün tənur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Elm təhsilin qıza peyğəmbər etmişdir haram; Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam. Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam. Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam. Mən biləm, fərman alıb Israfil etsin nəfxi-sur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. * * * Oyanıb Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb, Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb. Hamısı hümmət edir, qeyrət edir, ibrət edir, Eləyir cümlə nəzər işləri sahman, oyanıb. Oyanıb millət əcəb, tapdı nicatın yolunu, Oxuyub elm, kəlam etməyə insan oyanıb. Sübh açıldıqda böyüklər yüyürürlər qabağa, Dalca gəlməkliyə də millət obaşdan oyanıb. Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab, Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb. * * * Atəş Ey əzizim, bir belə bəsdir dedin, Seyyidü axund, molla söhbətin. Varsa gücün, indi bir az yazgilən, Şairi-mahir, üdəba söhbətin. Al qələmi, yaz oları adbaad, Şair ola, mair ola, bisavad. Söylə, nədir, şair, deməkdən murad: Ərzi qoyub, yazma səma söhbətin. Bir də görürsən ki, yazırlar bizə. Çarşab ilə yaxşı deyil qız gəzə. Sözləri lap biməzədir, biməzə Yaz bunları, at ülamə söhbətin. Xalqa deyirlər: “Eləyin ittifaq”! Bir deyən olsun bulara, ay qoçaq, Bəs özünüz eyləyəcəksiz haçaq?.. Xalqa deyirsiz bu xuda söhbətin. Vodka içirlər ağa tək özləri, Biz bir az içsək ovurlar gözləri. Ey əzizim, yaz bu gözəl sözləri! Yazma dəxi molla yava söhbətin. * * * Çalma Qoy bir azacıq rahət ola canım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! Möhkəm çalıyorsan bu zəman yox buna hacət, Dutmuş səsin afaqi buraxmaz bəni rahət, Bən bulmada az-az gecələr guşeyə xəlvət, Sən də buradan başlamısan tazə qiyamət, Faş etmə əgər varsa da nöqsanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! A kişi, sənə nə bən gəzirəm bulvarı zadı, Hər istədigimdən alıram kamı, muradı, Gənclər arasında bu iş olmuş belə adi, Zatən qoçuyam, anlamaram şəri, fəsadı, Puldan doludur çün ki, cibişdanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! Qəyyum yaratmışmı səni bizlərə, tarı, Hər işdə çalırsan o saət şeypuru, tarı, Bir “du-du” salırsan, baxıyor el bizə sarı, Xəlvətə desən, kişi, olar dərd genə yarı, Onda qaralır, çalxalanır qanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! * * * Ağa Şeypur Yazdım sənə bu naməni pünhan, ağa Şeypur! Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur! Bən zənginəm, oğlum da, bənəm nazıyla pərvər, Konfet, şakaladlən böyüdüb xərcləmişəm zər, Hər gün yüzinə pudra çəkir, əgni müəttər, Qamətdə bulunmaz ona bir kimsə bərabər, Rüstəmlər olur şəstinə heyran, ağa Şeypur! Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur! Insafa rəvadırmı bu cür nazlı, dilavər, Əsgər gedib olsun kişi bir tabvərə mütəhhər, Dün söylədi ruhani bizim molla Səməndər, Oğlun keçib on doqquzu olsun gərək əsgər, Vardırmı belə şəxsdə vicdan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! Dutdum yaxasın, söylədim ay molla filani, Insafmı ki, əsgər verəsən böylə cəvanı? Əsgərligə yaz bir kasıb oğlun çıxa canı, Vallah dutaram, yırtaram əgnində əbanı, Az qaldı düzəldim yekə meydan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! Əsgər olub oğlum, bunu mən etmirəm inkar, Bir şişka taxıb, yaxşı çuxa, qırmızı şalvar, Amma o zaman məskəni veçerdi, ya bulvar, Vardı nə ölüm onda, nə düşmən, nə də əğyar, Hər gün qazanır, hər gecə şantan, ağa Şeypur! Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur! Imdi daha yox qırmızı şalvar, nə də şantan, Var bircə tüfəng, güllə yağır əsgərə hər an, Bir böylə oda öz xələfin sövq edər insan?! Oğlum olub əvvəlki işindən də peşiman, Yetmiş hələ gizlənməgə biiman, ağa Şeypur! Çox da işi uydurmuşam asan, ağa Şeypur! Əmma ki, paxıldır bizim insan, ağa Şeypur! Çox qorxuram dolsun danos hər yan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! * * * Bilirəm “Zəhlə töküb yazma” – deyənlərə Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm, Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm! Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm, Şüəra və üdəbalar kimi mahir deyiləm. Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm, Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm. Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm! Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm, Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm. Məcburam töhmətin ilə səsimi mən də kəsəm, Məni əfə eylə, itaət sözünə eyləməsəm. Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm! * * * Göyə çıxdı “Bu vaxta kibi uçuruma düşüb məhv olan Şeyx Sənan və Xumarı təzə rejissor bu axır vaxtlarda hökumət teatrosunda göyə merac etdirmişdir”. Axırda dünən səhnədə Sənan göyə çıxdı, Talan olunub din ilə iman, göyə çıxdı. Meraca qədəm qoydu Xumar ilə bərabər, Birləşdi o dəm can ilə canan, göyə çıxdı. Gördüm neçəsin zalda gedən dəmdə özündən, Bir dəstə “cayıl”, gözləri giryan göyə çıxdı. Məclisdə yaxarkən evini Şeyx Kəbirin, “Qalyorka”da bir dəstə müsəlman göyə çıxdı. Saldıqda xaçı boynuna ol şeyxi-müqəddəs, Dal cərgədə çarşaflı Tükəzban göyə çıxdı. Dərd anbarı Sənan – Şərifzadə uçarkən, Düşdü zala “nırçıltı” və Əfqan göyə çıxdı. Verdikcə xodu ləhceyi-davuduna “Bülbül”, Qaçdı yuxusu, Kəlbə Miraslan göyə çıxdı. Güldürdü doyunca barı məxluqu “Şaraplı”, Bir dəstə çocuq, xeyli xuraman göyə çıxdı. Meraci-Nəbinin özüm əfsanə sanırkən, Bildim bu tamaşada ki hardan göyə çıxdı. Gər səhnədə Sənan göyə çıxdıysa, yəqinən Düzdür deyilir təxti-Süleyman göyə çıxdı. * * * Vıveskalarımız Vıveskayı türkcə yaz, Latınca yaz, rusca yaz. Verildi prikaz, Yaz dedilər, yaz! Tapıldı rəngsaz, Verildi pul az, Yaz dedilər yaz! Indi buyur, lövhəyə bax, Sözlərin hamısı dalqabaq: “Parçaçı” olmuş “paçaçı”, “Bəzzaz” olub “baz”. Yaz dedilər yaz! “Baqqalı” yazdı “saqqal”, “Baksayuz”u “bakmayuz”; “Azsayuz” oldu “Azsatuz”, Maşın satan “maz”, Yaz dedilər yaz! * * * Özünü gözlə Aktyor düzgün keçinsə, iddialar fok gedər, Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər! Olmasın səksən blok, doxsan dolanbac, yüz oyun; Işdən iş çıxmaz ki, öyrən gəl, geyin, oyna, soyun; Hər kəs uğraşsın iş ilə, qurd ilə gəzsin qoyun; Onda böhtanlar, yalanlar, iftiralar, fok gedər! Keçdi yay, gəldi payız, canlar qurtardı qorxudan; Bir xəbər vardır, ayrılmış hamsı guya uyqudan; Bizə ancaq olmasa hərdən bir az cəncəl-filan, Onda parlaq başlayış, lax intahalar fok gedər! Əlli ildən qalma şeylər, hamsının süd əzbəri; Eylədikcə el tərəqqi, aktyor həslər geri. El gələr, yox çarəsi, səs salma, xamdır müştəri; Kamil olsa aktyor, boş iddialar fok gedər! Kim ki, yüksəkdən danışdı, səhnənin Allahıdır; Qəhrəmandır, baş premyerdir, ümumun şahıdır. Müxtəsər, hər kəs bu gün gəlsə, sabah bir dahidir; Bilsə hər kəs qiymətin, bu iştahalar fok gedər! Çal təbil, təbbal, mövsim gəldi, iş səhmanlanır; Düz üç aydır aktyor qüsl eyləyir, dərmanlanır; Bəlkə bu mövsim dönər iş, səhnə bir az canlanır, Yoxsa xahişlər, ricalar, ilticalar fok gedər! * * * Tap görək Bir küçəm var buxartana Qələndər-a-qələndər! İşçi yaşar buxartana, Qələndər-a-qələndər! Şalmanı var buxartana, Qələndər-a-qələndər! Lampası var buxartana, Qələndər-a-qələndər Çolma-çocuq bir sürü, Məktəbə getməz biri. Yaxında yox məktəbi, Burda başlanır şəbi. Məktəb üçün müxtəsər Əlli palan yol gedər. Yol da nə yol, beyləsin Heç analar görməsin! Yayda tozu ətəkdən, Qələndər-a-qələndər! Qışda çamur göbəkdən, Qələndər-a-qələndər! Keçən keçir yıxılır, Əl-ayağı burxulur. Yağış yağa, çocuq qız Yol gedəməz lodkasız. Günüz kim evdən çıxa, Batar yolda palçığa. Baxırsan altdan dağa, Lehmə çıxıb qurşağa. Nə at keçər, nə fayton, Qələndər-a-qələndər! Yol gedəcəksən soyun, Qələndər-a-qələndər! Xəstəxana tapılmaz, Xəstəyə çarə olmaz. Naxoşların başına kül, Qış gəlmədən uzan öl. Həkimçin pul day yoxdur, Gəlməyə yol da yoxdur, Yaxşı olan çağı yox, Bağçası yox, bağı yox. Hey ara, axtar hanı Baksayuzun dükanı. Üst tərəfi zibillik, Qələndər-a-qələndər! Zibil beş-altıillik, Qələndər-a-qələndər! Hərdəm yada salınır, Vergi, naloq alınır. Hər ay başı dübbədüz On beş, otuz, əlli, yüz. Özgə zaman kim bilir, Ordakı var ya ölür. Keşik pulu verirsən, Qələndər-a-qələndər! Bir köpəkdir, bir də sən, Qələndər-a-qələndər! Günüz milis tapılmaz, Gecə keşikçi olmaz. Oğru çalır fışqırıq, Var hünərin bayıra çıx. Səslər gəlir biqərar, Qələndər-a-qələndər! Dad məni tutdular, Qələndər-a-qələndər! Əhali çox, yer geniş, Məsələ qaldır geniş, Dayoş “kommunxoz” (davay), Çək yuxarı tramvay. Düzəlsə bunlar əgər Rahat olar işçilər. Indilik olsun təki Bir döşəmə, bir səki. Bircə ayaq bassalar, Gəlib qulaq assalar, İşçilər eylər haray: Qələndər-a-qələndər! Quqquluqu mostavay, Qələndər-a-qələndər! Bir küçəm var buxartana, Qələndər-a-qələndər! Işçi yaşar buxartana, Qələndər-a-qələndər! Fayda görür buxartana Qələndər-a-qələndər! Üstü sənin, altı mənim, tap görək! – 4-cü Tazapir dalanı. – Yalan, yalan, yalan, yalan – O da belədir, yox ki, bunun yalanı. – Yalan, yalan, ver Tazapir dalanına. – Bu küçə Dağlı məhəlləsi. – Yalan, yalan, ver dediyin məhəlləyə. – O da belədir, yox ki, bunun yalanı. – Yalan, yalan, ver dediyin məhəlləyə. – Poçtovının kəlləsi. – Yalan, yalan, yalan, yalan. – O da belədir, yox ki, bunun yalanı – Vergilən Poçtovıya. – Böyük Salyan küçəsi. – Yalan, yalan, yalan yalan. Tapmışam. * * * Şahnamə və yaxud Qaracanamə Ərrəhman... əlləməl-Quran, Xələqəl-insan... əlləməhül-bəyan. Indi ki, böylə oldu, sən də dayan, Söyləyim mən də bir kiçik dastan, Bəlli olsun, sonunda yaxşı, yaman. Qatışıb çünki cin-vəl insan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Vardı məşriq zəmində bir Iran, Bir cədəlgah idi o xeyli zaman. Hər yerindən duran taxıb tacı, Keçirib kef içində bir dövran. Taxtına əyləşirdi peydərpey Hər səhər kim oyansa tez yuxudan. Bir zaman hökmranlıq etmişdir Əlli Sasaniyan, beş-altı kəyan. Sonra Əfşarilər, nələr, kimlər, Müxtəsər, dalbadal filan-filan, Fəbiəyyi alayi rübbiküma tükəzziban. Hərəsi xalqa bir qapaz salmış, Şillə, yumruq, ağac, təpik, şalman. Neyləsin binəva, bacardığı bu, Edər ancaq bacardığın bacaran. Çoxu insafən iş də görmüşdür, Axıdıb məmləkətdə bir çox qan. Eyləmiş keyfü-mayəşasi üçün Neçə min xalqı bir heçə qurban. Əmr edib sonra bir qotur molla Oxusun hamısına şərikli azan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. İxtiraətə meyl edənlər var, Bu cəhətdən də boş deyil Iran. Hazırlatdırıb bir qədər lüleyin, Etdirib valideyninə ehsan. Hələ bundan da yaxşı şeylər var: Nargilə, hoqqa, cürbəcür qəlyan. Ən nəhayət də, son nəticə budur: Halqa bir yük və bir gözəl palan. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Gəldi növbət, yetişdi Qacara, Dedilər hər nə varsa, yerdə qalan, Ölkəni sardı elməmaliklər, Dövlələr, bir yığın başında nişan. Hər ağacdan göyərdi yüz seyid, Hər kol altında əlli mərsiyəxan. Molladır hey çıxır deşiklərdən, Başlarında bütün qalaylı qazan. Hər çuxurda beş-altı şahzadə, Hər samanlıqda bir yığın yekə xan. Müxtəsər, ölkədə çəyirtkə kimi Hər addımda nişanlı bir xuliqan. Işi yoğunlaşdı, indi sən söylə: Nə çəkir rəncbər, yazıq dehqan? Hayana üz çevirsə, bir qamçı; Hayana üz çevirsə, ərrəhman. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Məmləkət oldu bir hərəmxanə, Harda vardırsa bir məhi-taban, Seçdilər birbəbir noxudvari, Tənbəlitlər çatıldı sanki saman. Qız, gəlin, dul bu tənbəlitlərdə, Marşrut bəllidir: Saray – Tehran. Gecə-gündüz, günorta, şam, axşam Oynayır qız, gəlin, çalır balaban. Bir zaman şah bununla əyləndi, Sonra bir gün yazıldı bir fərman. Hər nə var topladı ağır, yüngül, Hər nə etmişdi xəlqdən talan, Doldurub hamısını cibişdanə, Istiqamət: Paris – Firəngistan. Cib nə cib, hər biri beş-on batman, Hər nə qalmışdı yerdə yaxşı, yaman Ləlü yaqut, ləlövü mərcan. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bunu kim bilməyir, Paris, nə Paris? Nə sayaq ölkədir Firəngistan? Açdı şah öz başın, soxuldu işə, Dalbadal oçertdə mamlı-matan. Gecə-gündüz canan çəkən, oxuyan, Qalmadı bir kababçı, bir şantan. Hansı rəqqasə bərk atır ayağın, Ona dərhal bir bu boyda nişan. Müxtəsər, hər yanında bir dilbər, Fil-behiştilə-hürü-vəlqilman, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bu sayaq ilə keçdi xeyli zaman, Eyşi-işrət Parisdə qurşaqdan. Tökülür pul, saman kimi yayılır, Buna beş, o birinə otuz, doxsan. Hansı cib tab edər bu verhaverə, Istər olsun dəniz və ya ümman? Bir də şah saldı öz əlin cibinə, Gördü bomboş, nə qaş, nə daş, nə filan, Nə əba var, nə don, qalıb üryan, Vur tut əynində bir yamaqlı tuman. Axtarıb tapdı bir ucuzca duxan, Vurdu bir rumka nisyə, çıxdı piyan. Gəldi, mənzildə tapdı bir qəlyan, Azacıq fikrə getdi, tapdı haman, Dedi: “Ey sərsəm, ölməmiş Iran, Uçdu hamam, yerindədir gülxan. Satıram hər nə var iş olsa yaman, Olmasın qoy Iranda bir Həmədan. Kəndlilər işləyir dalında palan”. Yazdı adres firəngcə doğru, yalan. Teleqram – Dan le-Pers, an Tehran; “Gəlirəm, ey əhaliyi-Iran! Gör qalıbsa iranlılarda tuman, Köhnə pəncək, cilitgədən-zaddan, Göndərin, çünki qalmışam üryan. Çıxa bilməm, tumançağam, qapıdan. Çünki vardır yanımda xeyli zənan. Hamı dilbər baxışlı mamlı-matan. Göndərin pəşivaza təxti-rəvan, Qarşı çıxsın böyük, kiçik əyan. Yoxsa Iranı eylərəm viran”. Hər görən söyləyir ki: Ey Iran, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bu xəbər çün yayıldı hər tərəfə, Işi öyrəndi rəncbər, dehqan. Dedilər: “Şaha verməyin zəhmət”. Qopdu hər yerdə bir böyük həyəcan. Ilk əvvəl saldı səs Azərbaycan. Millət aldı ələ qılınc, qalxan. Dedi: “Iranda qalmayıbdı tuman, Deyil Iran da gördüyün Iran. Yaxşısı, qal Parisdə, aç şantan. Bu da xanlar, bu da axund, molla, Hara istərsən al apar, tulla! Al bu şahzadə, bu hərəmxana, Bir də artıq qarışma Irana”. Gördü əhvalı bəzmi məbusan Nəsli qacarə yazdı bir fərman. Oxudu altı-yeddi cüz Quran, Bircə yasin, beş altı ərrəhman; Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Qurdu iranlılar böyük məclis, Verdilər şah üçün gözəl ehsan. Hər nə var künc-bucaqda şahzadə Yığdılar xeyli taxçadan-bacadan, Bəzisi tazə, bəzisi nimdaşt, Hər nə qacari varsa əldə olan. Dedilər: “Fatehə Məssələvat!.. Həm Iraqa, həmən çerez Həmədan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. * * * Allahu-ələm Olmuşdur Iran, Qaynar bir qazan. Nədir qaynaşan? Allahu-ələm. Toplandı millət, Göstərdi qeyrət, Bir səslə yazdı: Qacara lənət! Çıxmışdır əlan Sırtıq bir oğlan. Adı Irza xan, Yaxşıdır, yaman? Allahu-ələm. Işə girişmiş, Görmüş bir iş-miş, Əlində var şiş, Qələmdir, qəmiş? Allahu-ələm. İmdi səhərlər, Verir şəhərlər Bəzi xəbərlər, Düzdür, ya böhtan, Doğrudur, yalan? Allahu-ələm. Eyləyir çəm-xəm, İşləri mübhəm Əlində var kəm, İçində bilməm Zəhərdir, məlhəm Allahu-ələm. Deyəndə şahsan, Batır sükuta. Deyəndə xansan, Bir özgə buta. Nədir bu insan? Vəzirdir, sultan? Kəndlidir, ya xan? Allahu-ələm. Keçmişi bəlli, Gözəl əməlli, Əsli nə cürdür?! Çətindir həlli. Son söz onundur, “Fel”i, ya “dil”i. Sabahçün əlan Bilməyir İran, Mirzə İrza xan Dostdur, ya düşman? Allahu-ələm. Bu bir oyundur, Iranda şahmat. Top hələ qalmış. Tünd yeriyir at. “Mat” olacaq “şah”? “Şah” olacaq “mat”? Xalqa bu pünhan Allahu-ələm. Yaxşı deyən var, Yaman deyən var, Başla deyən var, Dayan deyən var. O yanda bir tac, Bu yanda dehqan, Bundandır, ondan? Allahu-ələm. * * * Olacaq-olmayacaq İrza xan dün yenə vermişdi zakaz evdə qutab, Cecim üstündə noxud, lobla da bihəddü-hesab. “Şod no şod” baxdı fala, qurdalanıb açdı kitab, Düşünüb xeyli zaman, eylədi axırda xitab: Durma ey saqiyi-dilbər, mənə bir badə şərab! Bu nədir, ey dili-qafil! Yeyin, ol, eylə şitab, Nə yumubsan gözüvü fürsətə, ey xanəxərab! Bir də fürsət sənə Iranda nümayan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Bu nədir, iş yetişib, sən itiribsən özünü, Deməyirsən bir açıq əyrini, yaxud düzünü, Çıx daha ortaya, at maskanı, göstər üzünü. Sənə tale ki, gülür, sən nə yumubsan gözünü? “Şod” de, qurtar işini, söyləginən sən sözünü. Yoxsa bir də bu cürə gərdişi-dövran olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Mənə şeytan deyir: İranda da hürriyyəti qur, Ən böyük rütbə nədir onda? Rəisi-cumhur. Iki ildən sonra da başladı millət: – Qur-qur. Başqasın seçdi, mənə söylədi: – Sən rahat otur. Onda bu xəlq mənə bəndeyi-fərman olacaq? Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Var ikən fürsət əlimdə, eləyim fövti-zəval, Çıxsın əldən bu ucuz tac, bu dövlət, bu cəlal? Bir vətəndaş mən olum, bir də vətəndaş hambal?! Fürsəti indi qaçırsam, eləsəm sonra xəyal. Bir də şah olmaq üçün iş belə asan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Bu nədir başlamışam, “şod və nə şod” açmağa fal, Dönmərəm şəstinə, təbbal, tel ol, təblini çal! Elə əz, milləti yıx, təxtə otur həqqini al. Buraxım tacı, geyim başıma bir zorba motal. Olmasam şah, işim böylə firavan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Alihəzrət ləqəbi çöhrəmə xəndan olacaq. O zaman Rey olacaq, ya Təbəristan olacaq. Rey cəhənnəm, hələ bir boş-quru Tehran olacaq. Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Elədim şah özümü, keçdi tutaq üç-dörd il. Məni xəl etməyə eldən yenə fərman olacaq?! Bəli, vallah olacaq! * * * Olacaq (Olacaq-olmayacağa cavab) Uyaraq molla, seyid məkrinə, sapsam yoldan, Ataraq xalqı, yapışsam belə möhkəm puldan, Soyulub xalq bütün çıxsa palandan, çuldan, Yenə də ölkədə bir şurişi-üsyan olacaq? Bəli, vallah olacaq! Indilik el mənə tapşırdı həyatın, əməlin, Tutalım mən də çıxartdım onun haqqından əlin, Müxtəsər böylə dağıtdım bu sədaqət təməlin, Saxladım bir neçə il ölkədə tacın əcəlin, Sonradan anlayacaqdır görəsən el əməlin, Məni şah etdiyinə sonda peşiman olacaq? Bəli, vallah olacaq! Nə deyir molla, seyid, bəy nə deyir, xan nə deyir? O tərəfdən görəsən kəndli nə, dehqan nə deyir? Görəsən şahlığıma büsbütün Iran nə deyir? Bunların hamsı keçib getsə də, vicdan nə deyir? Məni tarix söyəcək, məndə bu nöqsan olacaq? Bəli, vallah olacaq! Neçə ildən sonra millət ayılıb açdı gözün, Bildi öz xeyrü şərin, ya tanıyıb gördü özün, Onda ki, işlərin öyrəndi bütün əyri-düzün, Görəsən xainə bir ədlilə divan olacaq? Bəli, vallah olacaq! Olacaq-olmayacaq, mən nə bilim xanəxərab, Durma ey saqi, pədərsuxtə, bir badə şərab! “Şod” nə “şod” düşdü yenə ortalığa köhnə kitab, “Olacaq-olmayacaq” çox sürəməz məncə hesab, Verəcəkdir Rza xan kəndisi tarixə cavab. Olacaq-olmayacaq? * * * Məqsəd nədir İrzaxan, anlat, sükutundan nədir son məqsədin? Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in. Dörd yanında söylə bir Iranda “ali həzrətin” “Xəlvəti min tor qurulmaqdan” görüm məqsəd nədir? Biz yorulduq söyləməkdən, sən “sükut”dan doymadın. “Saxladın quyruqda” “gön qaldı”, dayandın, “soymadın”. Gər özün “zahir” özünçün “şah” deyə ad qoymadın, Gizli bu “vişlər burulmaqdan” görüm məqsəd nədir? “Şah” deyə dünyalara car çəkdi “dostun” Avropa. Səs salıb Iranda da min mürtəce ağbaş supa. Sən əgər razı deyilsən “toy” ola, həşrin qopa, Bəs bu “dəf-dunbul” vurulmaqdan görüm məqsəd nədir? “Yaxşılıq” umduq, “yamanlıq” səndən etdik iddia, Fal dedin, açdıq, noxud saydıq, nə istərsən daha? Hər şeyin var bundamı hər işdə var bir intiha; Istəyirsən söyləyək “mocib sükutəş bər rza”, Yoxsa bu “dinməz” durulmaqdan görüm məqsəd nədir? Zurna var, dunbul desən var, yoxdur ancaq bir “dəm”in, Məqsədin şahlıqsa, qıncınma, nə lazım “çəm-xəm”in. Hər tərəfdə bir “açar” beynində bir çox “sərsəm”in Ğırmağunvari “qorulmaqdan” görüm məqsəd nədir? Millətə elani-hərb etməkmi fikrin ya deyil? Söylə! “Millət! Iş budur istərsən ağla ya da gül! Bir görək manqalda bir “şey” vardır; oddur, ya da kül, Gah kül olmaq, gah qor olmaqdan görüm məqsəd nədir? Yoxsa fikrindir götürmək “oğru Nadir”dən hesab? Gün keçib, dövran dəyişmiş, yaxşı bax, alicənab! Görməyirsən partlayır hər ölkədə bir inqilab? Ya həqiqətçin kor olmaqdan görüm məqsəd nədir? Nabələd zad da deyilsən, şükrilillah “ali”sən, Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən. Hər “nə” olsan ol, “minəmməzsən” daha hammalı sən, Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir? * * * Parisdən-Tehrana “Irzaxan”, sən məşədi, mən hacıyam, Sən elin qəmçisi, mən qırmacıyam. Sən bir az “çəp” yürüyən, Mən də bir az qıyqacıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Gəl bir az əyri otur, düz danışaq: Şah sən ol ya “mən” olum varmı maraq? Söz gedir təxt ilə tac üstə, qoçaq. Sən bu təxtin susuzu, mən acıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Millətin tovladı şeytan başını, Şahlığın atdı dibindən daşını; Sən qurursan yenidən bu “maşını”. Təxt üçün sən anasan, mən bacıyam, İkimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Deməli, xalq əməyi getdi hədər; Yenə də köhnə “karet”, əski yəhər; Yenə də şəşəələr, dəbdəbələr. Şahlığın sən qazanı, mən sacıyam, Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Yenə də əski “saray” əskicə “dam”. Yenə bir şəxsə baxar məclisi-am. Yenə də əskicə tas, əski hamam. Yenə bəs mən “qalısan”, mən “qaçıyam”, Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Mən yenə getmiş idim eldən uzaqdı səbətim, El yenə dərdyarı görməzdi uzaqdan sifətim, Sən durubsan başıüstə göz “açammaz ki yetim”. Sən görüm yaxşı müsəlman tacı, mən Rum tacıyam; Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Burda var bir neçə sultan edəcək təbirim, Çox ucuz düşməyəcəkdir sənə bu təhqirim, Bu da işdir! “Sən açıl, mən vururam zəncirimi?” “Yaxşı”dır şahlıq əgər, bəs nə imiş təqsirim? Sən saray sahibi, mən bir quruşun möhtacıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Yığışıbdır buraya bir neçə nimdaşt sultan, Yox bu millətdə vəfa, sən də olarsan peşman. Mən “avansom” burada sazlamışam bir qəlyan, Gələcəksən bilirəm sən də bu dönməz yoldan. Para göndər, sənə də burda “bi dükkan açıyam”. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? * * * Tehrandan-Parisə Kaç yil oldu, mən sənin babində növbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. Xələti şahiyi izzü iftixarimlə geyib, Təxtini aldım əlindən şahi-Iranım deyib. Sanma zülm etdim sənə, mən tacini qəsb eyləyib Bunca bil səndən, a zalım, mən məhəbbət bəklədim, Sən inayət qılmadın, bihudə şərbət bəklədim. Heç maraq etmə, acıqlanma, bu dünyadır behi; Qalmaz əlbəttə mənə Tehran və Təbriz, Rəşt və Rey. Görmə çox başımda dursa zibü zinətlə bu şey. Mən sənin Irani-viranində türbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa, Hurilərlə sarmaşıb sən bəxtiyar ol daima. Mən də Iran içrə geysəm çoxmu bir süslü əba Çünki tacü təxt üçün çox oldu qürbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. * * * Gözün aydın “Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı, Gizlin bəzənib çıxdı üzə, maskasın açdı; “Hürriyyət”i-Iran deyərək, tacə yanaşdı, El: “şahlığı yıx”, – söylədi; amma ki, o çaşdı, Dırmaşdı sənin təxtinə, Iran, gözü aydın! Toplandı nümayəndələrin məclisi-amə, Sən başladığın işləri çatdırdı təmamə, Möhtacmış Iran on üçüncü bir imamə, Qoydu yenə də köhnə tası köhnə hamamə, Fırlandı yenə köhnə dəyirman, gözün aydın! Əvvəldə dedim mən sizə bunlar bir oyundur, Işlər düzəlib getdi, çal, iranlı, toyundur. Məclis dedi: el bir sürü sağmalca qoyundur, Qalmış, deyəsən, bir neçə şalvar, di soyundur. Lazım deyil iranlıya yorğan, gözün aydın! Ded-ded-de-demokrat de dedik, çıxdı şaşa şah, Əsrin dili gəlməz buna, yıxsın evin Allah! Əhsən Rza xan, “mersi” təşəkkür, bərəkallah! Dünya gülüyor sən də gül, iranlı, de hah-hah. Boş qalmadı axır qoca Tehran, gözün aydın! Keçmiş Rza “xan”, layla çal iranlıya, de “yat” Iranda demişdim sənə oynanmada şahmat; Var səndə piyadə düzülüb qarşıya top, at. Sən “şah” dedin Iranda, saqın söyləməsin “mat”, Olmazsan əgər sonda peşiman, gözün aydın! Hər il deyəsən Avropaya borcludur Iran, Bir köhnə Iran şahı və bir nargilə qəlyan. Borc verməyə tapdın, qoca Iran, yenə imkan. Bir xan yetişib dadə, yazıq, tutdu qolundan, Etdi sənə hər müşkülü asan, gözün aydın! Toplandı nümayəndələrin məclisə doldu, Tapdı sənə insafilə dərman, gözün aydın! Boş qalmadı təxtin bir igid çıxdı bu yandan, Dırmaşdı sənin təxtinə Iran, gözün aydın! * * * O nədir Səndən xəbər alım haq bilən aşiq, O nədir ki, sözü vardır, özü yox? Cavab qaytar istəyinə müvafiq, O nədir ki, özü vardır, sözü yox? O nədir ki, bizləməsən, çalışmaz? O nədir ki, dindirsən də danışmaz? O nədir ki, xeyrə-şərə qarışmaz? O nədir ki, haqq görməyə gözü yox? O nədir ki, vaxtı keçmiş ölməyir? O nədir ki, çox ağlayır gülməyir? O nədir ki, yaxşı-yaman bilməyir? O nədir ki, özün görər, bizi yox? O nədir ki, Allahına pul deyir? O nədir ki, ağasına qul deyir? O nədir ki, olmaz şeyə ol deyir? O nədir ki, əyrisi var, düzü yox? O nədir ki, mümkün ikən tapılmaz? O nədir ki, iynə satar, sap olmaz? O nədir ki, istədiyin tapılmaz? O nədir ki, arşını var, bezi yox! O nədir ki, ayda qırx gün bağlanır O nədir ki, bir həftədə bağlanır? O nədir ki, qapısında ağlanır? O nədir ki, “yox”dan başqa sözü yox? O nədir ki, gün uzunu işləyir? O nədir ki, işləmədən dişləyir? O nədir ki, gündə birin boşlayır? O nədir ki, oğlan sevər, qızı yox? O nədir ki, bir həsirdir, dörd divar? O nədir ki, bir qapıdır, bir açar? O nədir ki, gördüyünə göz yumar? O nədir ki, içində bir mizi yox? O nədir ki, dəftəri çox, işi az? O nədir ki, “sabah gəl”i qurtarmaz? O nədir ki, qulaq verməz yüz min yaz? O nədir ki, qışda getsən buzu yox? * * * Truppa deyir Qoy törənsin min cürə yersiz rəzalət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. Istirahət sevmərik, meyl etmərik camə, meyə, Canfədayıq hər zamanda incə sənətlər deyə. Səhnə gər bazara dönsə, həm pyes həlmaşiyə Qəm deyil, artar yenə elmi-məharət səhnədə. Eylərik zira bununla biz ticarət səhnədə. Vermişik xalturaya dil aşiqi-şeyda kibi, Olmasa xaltura gər bir kimsənin dolmaz cibi. Şükr kim, hər kəs bilir, xalturanın yoxdur dibi. Bir bizə məxsusdur böylə məharət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. Incəsənət yurdunun hər yerdə ağsaqqalıyıq, Hər bir işdə qadirik, biz səhnənin baqqalıyıq, Hər cürə təğyir və təbdil eylərik, əl malıyıq. Hazırıq göstərməyə bir yox şücaət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. * * * == Poemalar == Qız qalası 1 Quzğunun sahilində pək qocaman Bir yapı, əski sirlər yuvası, Sanki dalmış dərin düşüncələrə, Duruyor sakitanə Qız qalası. Bu yaxın keçmişin gözəl gəlini, Baxıyor, sanki qəm büküb belini, Qocalar tək həyatdan doymuş, Baxıyor dövrəyə yarımuyumuş. Hər yan altın bəzəkli şən yapılar, Dirilik dörd yanında qaynamada. Arxada bir gurultu, bir yenilik. Öndə çapqın vaporlar oynamada. Qara, yüksək, şubay buruqlardan Neft atılqanları nöyüt sərpər. Həp yarım milyon işçinin çəkici Öylə çarpar ki, yer əsib titrər. Gecə sahil boyunda seyr edəsən, Gəzişirlər yığın-yığın qızlar; Günəşin istiqanlı yavruları Hərə bir canlı gül seçib izlər; Oxşayıb güldürər, gülər, dinlər, Söyləyər, yalvarar, deyər, inlər. Hər tərəf başqa dürlü bir yenilik; Hər tərəf sevgi, hər tərəf şənlik; Dirilik tam gurultusilə özün Göstərir sahilində bir dənizin. 2 O, fəqət bunlara qoyurmu məhəl? Yox, yox, o iştirakə pək tənbəl. Görkəmindən düşündüyün sonsuz Andırar sanki dərdli bir öksüz. Unudulmuşmudur, ona darılar? Əski elxanlılar çağınmı anar? Kim bilir, söyləməz, qonuşmaz ki, Qaynayan dirliyə uyuşmaz ki. Dalmış o pək dərin xəyalə, durur, Nələr, Allah, bu əski ev düşünür?! 3 Burası örtülü bütün eldən... Pək dərin keçmişin, fəqət dildən – Dilə vardırdığı dumanlı xəbər Xalq içində maraqla söylənilər Ki, bizim paytaxtımız xanının Qızını Abşeron xanı görmüş, Oğluna almaq istəyib sormuş. Xan da bu batqın ölkə xalqından Qorxaraq, indiki bu dik qalayı Xəzərin göy suyunda tikdirərək, Qızını, bir də bir qoruq alayı Abşeron çapqınından aldırmış, Göylərə, bu binayə qaldırmış. 4 Söylənir bu... fəqət mənə bir gün, Qoca, düşkün qiyafəli bir pir Pək gözəl, şairanə sözlərlə, Etdi bir qəmli macəra təsvir. 5 Altı yüz il qədər əvvəllərdə, Bu binaya yaxın duran yerdə Bakının sahilüstü bir küçəsi, Can sevən bir gözəl mayis gecəsi... Tam göyün ortasından ay durmuş, Dörd yanın dövrə bir işıq bürümüş. Altı-yeddi sarımtıraq ulduz Pək uzaqlarda titrəşir fərsiz; Sakitanə dəniz durub parlar, Sıçraşıb xırda damcılar oynar; Uyuyur qumlar üstə ilbizlər; Orda gizlənqaç oynayır qızlar. Mey vurunca hava xəfifanə, Inlədikcə dəniz xəfifanə, Yerə aydan işıq saçıldıqca. Görünüşdən ürək açıldıqca, O mələk gözlərində bir sevda, Baxıyor, sanki seyr edir röya. 6 Ruhu onsuz da oxşayan bu gecə, Dayanıb bağda bir yaşıl ağaca, Saçların dağınıq arxaya tökərək, Gözlərin ta uzaqlara dikərək, Baxıyor bir xəyalə dalmış qız, Baxıyor kainata qırpımsız. Göydən ay öz şəfəqlərin səpiyor, O qızın ağ gümüş döşün öpüyor. Bir xəyalı kaman tək inləyərək, Şəvə tək saçların öpər yellər. Oxşadıqca ilıq hava bədənin, Qucuyor boynunu uzun tellər. O fəqət... dinləməz bu aləmi bir, Baxıyor düz, düşüncəli, dilgir; Sanki bir başqa kainat arayır. Arabir diksinib için çəkiyor, Ağaca doğru başcığın əkiyor, Yenə dinməz, baxır fəzaya qəmin,1 Yenə tutqun, haman yenə dalğın, Qara gözlər haman yenə süzülür, Al dodaqlar ara-sıra büzülür, Gülüyor, ağlıyor, deyil, bəlli, Inliyor, dinliyor çətin həlli! Iri, süzgün, qara kömür gözlər Bu üfüqlərdə, ax, nələr gözlər?! Keçmişin bu işıqlı ulduzunun, Allah, Allah, bu gündoğuş qızının Nələr etmiş xəyalını məğşuş, O ayıqdırmı, yoxsa bir bihuş?! Bu gözəllik, bu incəliklə məgər Görən olsa, ona deyərmi bəşər? Yox, satqın, heç bu od ona gəlməz, Onu kim görsə, canlı zənn edəməz; Deyəcəkdir, yəqin ona röya, Pək dərin, şairanə bir xülya. 7 Göydə bir parça ağ bulud yürüdü, Pərdəvarı ayın üzün bürüdü. Bir dəqiqə hava qaraldı bütün, Yenə durmuş bu qızcığaz məhzun. Yenə əvvəlki tək deməz, dinməz Yenə əvvəlki tək susar, gülməz Bulud ötdü, yenə açıldı hava; Yenə dalğın bu müztərib sima. Demək olmaz ki, mütləqa qəmli, Demək olmaz sevinməsin də vəli. Doğrudan qayğımı çəkir bu mələk? Yoxsa sevdalıdır bu qönçə çiçək? Bağlıdırmı bir odlu eşqə bu qız? Kimə aşiq bu parlayan ulduz? Kimdir o taleyi bu cür gülüyor Ki, onunçun bu al çiçək soluyor? Onu yoxsa sevirmi bir sevici, Gülüyor qız, bu eşqə pünhanı? Yoxsa mümkünmü saymayır, eşqin? O da bu sevginin pərişanı. Böylə orta, bilinməyən bir hal. Kəsdirib, bilmək həp bu halı mahal. Ağ buludcuq ayın yanında gəzir, Bir qayıq ta uzaq dənizdə üzür. Yel ipək kömləyin qızın oxşar, Saçların telbətel öpər, oynar. Gecə ölgün sükut ilə yürüyor, Qız da əvvəlki hal ilə duruyor. 8 Iki yandan sümükləri çıxmış, Qırışıq sərt üzündə bir iffət; Boz qalın qaşlarilə örtülmüş Xırda dik gözlərində bir şəfqət. Gülüyor, hər addımda bir duraraq, Gəliyor, çiyninə başın buraraq, Gəliyor, san, nə isə dinləyərək, Gəliyor hər addımda inləyərək, Gəliyor o Qantemir pərişan hal. Gəliyor xəstələr kimi bihal, Gəliyor söyləsin öz eşqini ta, Seviyor öz qızın zavallı ata... Seviyor, həm deyil ki, bu ata tək, Onu etmiş əsir o canlı çiçək, Seviyor həm nasıl ki, gənc gənci; Seviyor həm nasıl ki, bir sevici. Yürüyor ixtiyarsız, ölgün; Yürüyor kəndi-kəndinə küskün. Qorxuyor o, zəhərli dillərdən, Sanacaq xalq onu rəzillərdən; Adına nəslinin ləkə sürüyor, Ox, nə müdhiş bu!.. Bir qədər duruyor, Qorxuyor tutduğu şəriətdən, Qorxuyor tanrıdan, qiyamətdən; Ad, san, el, tanrıdan olur məhrum. Görüyor qarşısında bir uçurum. Ölüyor, partlıyor, yenə seviyor. Yürüyor, inliyor, yenə yürüyor. Istəyir getməsin, ürək sürüyor; Istəyir sevməsin, könül seviyor! 9 Doğru bir sevginin hüdudumu var? Yox, yox, ancaq sevən bunu anlar! Sevgi bir şey ki, çəkdirir zillət, Həp əzabından aldırır ləzzət. Sevgi bir od ki, yandırır ürəyi; Sevgi bir göz ki, yox onun bəbəyi. Kim ki sevdi, kim olduğun sormaz. Sevdiyindən o, başqa şey görməz, Eyləyir sevgi əqli tez fani, Veriyor bir həyati ruhani. Onu dünya yığılsa qandırmaz, Ya mələklər gələ ovundurmaz. Ona bir fərqi yox düyün, matəm, Sevəcəkdir dağılsa da aləm. Qorxmaz o, tanrıdan, şəriətdən, Alır onsuz da zövq zillətdən. Onda yox artıq hissi-heyvani, Arar ancaq ki, zövqi ruhani. 10 Yürüyor Qantemir yenə irəli, Qorxduğu şeylərin yox heç əsəri; Yürüyor sevgi, başqa təkcə məal... Duruyor qız önündə sanki xəyal. Indi ay ağ buludcuğu devirib, Işığın sanki büsbütün çevirib, Töküyor sahilə gülümsəyərək, Sanki cənnət yaratmaq istəyərək, Qızı guya mələkliyə sınayır. Şəfəqilə qızıl saçın yıqayır. Mən əminəm ki, göydən ensə mələk, Yenə üstün gələr bu nazlı çiçək. Bu gecə etiraf olunsun, əvət, Tanrıya bir rəqib olub xilqət. Artırınca gözəlliyin yaranış, Alıyor qız ilahi bir görünüş. 11 Baxıyor Qantemir, həzin baxıyor; Yaş gözündən dayanmadan axıyor. Baxıyor Qantemir qəmin, məhzun. Çıldırır, bax, deyilmi bir məcnun? Baxıyor, bir zavallı tək baxıyor, Bu gözəllik sinirlərin yaxıyor. Gülüyor hər tərəf: dəniz, su, hava, Bircə tutqun bu qızcığaz, bu ata. Yarpaqaltı işıqlar oynaşıyor; Qıza Məcnun ata yaxınlaşıyor, Gözlərində alovlu bir sevda; Sərt, fəqət pək boğuq səsiylə ona: – Durna! – Qız diksinib, həzin, süzgün Baxıyor, qarşısında san düşkün, Pək və şaşqın, yazıq ata, duruyor. – Yenə gəldinmi? – Of, – deyib soruyor. – Bu qədər qayğı, bunca işgəncə Sanıyorsan ki, azmı bir gəncə? Məni, onsuz düşüncələr bürümüş; Fikrimi onsuz da qayğılar yormuş. Mənə onsuz bu eşq tüğyani Veriyor bir əzabi-ruhani. Yaxıyor qəlbimi bu eşqin ya, Ox, zavallı, aman, zavallı ata! – Durna! Sus! Sus! Nədən bu danladığın? Bilirəm, yox ki, eşqi anladığın, Bilirəm sən nədən bu cür dalğın, Bilirəm, ax, bu sevgi pək şaşqın. Haqlısan sözlərində, pək haqlı, Duyğum üstün ki, susdurub ağlı. Durna! Duyğum Xəzər kimi daşqın; Nə edim? Əmr edir bu cür şaşqın. Yox, bu şaşqın deyil, deyil, əsla! Məndə bu sevgi doğru bir sevda. Kim olursan sən, ol da, yox xəbərim, Mən fəqət bu gözəlliyi sevərim. Bu gözəllik, bu incəlik, bu, əvət, Aldığın bu ilahi vəziyyət, Mən deyil, hər kəs olsa bənd eləyər, Atan hərgah peyğəmbər olsa, sevər. Baxıyor qızcığaz inildəyərək, Ata həm ağlayır sözün deyərək: – Sən nəsən? Çünki bir sevilməli gül. Ağlayırsanmı? Durna, sus! Gül, gül! Ağlamaqdansa, al məni öldür. Gül, bu məcnun ürəyimi güldür! Səni ağlar görəndə handa mənim! Çatlayır, partlayır bütün bədənim. Durna! Səndən çocuq kimi dilərəm: Ağlama, yoxsa indicə ölərəm. Gülüyor qızcığaz heç istəmədən: – Ata, ah, söylə, söylə, nədən Böylə şaşqın bir eşqə verdin dil, Nə deyər tanrı, ya nə söylər el? Vurdu meh, keçdi bir ilıq ruzgar, Güldü san incə bir gülüşlə bahar. Gəldi bir an tərənnümə güllər, Yenə susdu əvvəlki tək yellər. Yenə ölgün sükuta batdı açun, Qantemir indi büsbütün məcnun. Çal bığlarla örtülən ağzı Hər sözündən sonra köpüklənərək, San ürəkdən tutub çəkir sözünü. Sözü gah yüksəlib də, gah enərək, Söyləyir: – Durna! Anlamam səni mən, Bu qədər qorxu, ya sıxıntı nədən? Mən özüm indi kimsəni tanımam, Kim nə istər desin, mən aldanmam. Mənə indi mələk və ya insan, El, peyğəmbər, kitab, din, Quran, Məmləkət, hökmdarlıq, xanlıq, Qüssə, qayğı və ya firavanlıq, Hamı bir heç, hamı mənə röya! Bircə sən, sən, aman, aman, Durna!.. O baxışlar ki, sevgi tək qəmgin, O yanaqlar ki, gül kimi rəngin, O dodaqlar ki, ağlayır gülərək, Gülüyor sanki dərdimi bilərək, Ax, o kirpik ki, indicə qurumuş, O qızıl saç ki, boynunu bürümüş, Ax, o gözlər ki, andırır xülya, Çırpınır varlığında bir sevda, Bu gözəllik, bu incəlik, bu gülüş, Bu xəyali, ilahi bir görünüş Mən deyil, Tanrıya vurar düzgü. Bax, özün Durna, bax, aman, güzgü Yox ki... yar qəlbimi var onda hamı. Canlı bir Durna, yox ki, tək rəsmi. Bu gözəllik ki, səndə var, Durna, Tanrı, sevsəm, yəqin darılmaz ona. Haqsızam sevməyə gözəlliyi mən? Kəndisi Məryəmə vuruldu nədən? Sevdi kəndi yaratdığın kəndi, Mən sevərsəm, mənə nə der indi?! Istəyirsə ki, sevməyim səni mən. Səni böylə gözəl yaratdı nədən? 12 Qantemir məmləkətdə bir dahi, Əski qalxan-qılıncın Allahı. Qantemir qəhrəmanlar öldürmüş, Diriliklər qılıncı soldurmuş, Ona tabe alovlu bir ölkə, Indi durmuş nasıl ki, bir kölgə; Heç duyulmaz ki, işləyir nəfəsi; Arabir inləyir qırıntı səsi: – Durna! Yavrum, darılma, olma məlul. Sevmə bir başqasın, aman, mənim ol! Varlığın çeynər odlu bir qayğu, Ata bəklər maraqla qaytarğu. Indi sahildə səs-səmir əsla Eşidilməz, açun yatıb guya, Tərpənişsiz bütün hava durmuş, Batqıya doğru bir az yürümüş. Seçilir göydə güclə ulduzlar, Uyumuş həp dəminki gənc qızlar Dinməz öz boynunu əyib güllər, Sanki bir şey maraqla pək dinlər. Bu sükutu yarar fəqət arabir Ilbiz oymaqları yaşıl təpələr; Öndə parlaq sularda incə, xəfif Bir şırıltıyla oynaşan ləpələr. Baxıyor Durna, sanki bir heykəl, Çeynəyir varlığın dəmir bir əl. Baxıyor kainata hiddətlə, Qocanı, həm kəmali-diqqətlə Süzüyor, kəndi bilmədən səbəbin; Yenə dalğın, haman yenə dalğın... Qantemir indi canlı bir heycan, Ildırım, od, alovlu bir vulkan. Inləyir tapdağında guya yer, Parlayır gözlərində şimşəklər. Bu gözəllik sinirlərin yaxıyor; Sanki ac qurd şikar üçün baxıyor. Baxıyor Durnanın bu heyətinə, Mütərəddid gözəl qiyafətinə, Söyləyir: – Durna! Nazlı yavrum, bax, Məni məhv etmə, bu sükuta burax! Mən həyatımda dürlü gün gördüm, Əymədim baş açunda bir nəfərə, Bir nəfər yox, bütün bəni-bəşərə. Oda girdim, ölümlə çarpışdım. Içmədim su, həmişə qan içdim Məni gördükdə handa bir əsgər, Qəhrəmanlar, igid-igid ərlər Titrəyirlərdi sanki bir yarpaq, Oynaşım qan, dəmir, çəlik, mızraq!.. Ixtiyarəm deyib də, aldanma. Hələ pək güclüyəm, inan, Durna! Mənə odlar, sular, biyabanlar, Vəhşilər, arslanlar, insanlar – Həpsi bir heç! Önümdə bir kölgə... Bax özün, iştə odlu bir ölkə, Bir böyük kütlənin həyatı bütün Bir oyuncaq kimi əlimdə zəbun Istəsəm, həpsini əzib, didərəm, Tapdaram həp həyatı məhv edərəm. Tikərəm bir hasar bu ləşlərdən, Yaparam bir minarə başlardan. Orda bir şən çiçəkli bağ salaram. Həp bu qanlarla torpağın sularam. Mənə dünyada qarşı qüvvət yox, Istəyim verməyən şəriət yox. “Istəyin yapma!” söyləyən bir din Mənə lazım deyil də, məhv olsun... Ulu tanrım, bu süngü, bu qalxan Türk üçün həp budur böyük yaradan. Çünki varkən əlimdə bu mizraq, Nə dilərsəm, o mütləqa olacaq! Nə ararsam əlimdədir, taparam, Hökmranam, nə istəsəm yaparam! Bircə sən... ox, zavallı yavrum, sən, Sən böyüksən və güclüsən məndən! Eşqi yıxmaq ki, qeyri-mümkündür, O ki, hər hökmdarə üstündür. Hər kim olsan da tapdaram, ayamam, Bircə ancaq bu eşqi zorlayamam, Çünki sənsən mənim də bir əməlim, Dön, gözəl yavru, tanrım ol da mənim! Diləyin varsa, söylə, rədd etməm, Sənə qarşı, satqın, güc işlətməm Al, ölümlər saçan bu mızraqlar, Bu geniş anlı-şanlı torpaqlar, Qüvvətim, dövlətim, yerim, yurdum, Təxtü tacım, mənliyim, bu qəddim, Sərt, bükülməz qolum önündə bükük; Bax, bu mızraq, bu mən götür əz, tök! Qüvvətim, varlığım, dəmirli əlim. Iştə bir eşq ilahəsinə təslim. Sən bu gün hökmdarsan, mən qul, Durna... yavrum! Fəqət... aman... mənim ol! Qantemir, Qantemir igid bir ər, O ki, yıxmış böyük vilayətlər; O ki, mehrabə, çox baş əyməzdi, Pürvüqar alnı möhrə dəyməzdi; Onu qorxutmayırdı atəşgah, Onu tapdarmayırdı bir Allah; O, əvət o, bax, iştə diz çökmüş, Tanrı bulmuş da, həp boyun əymiş. Əlli ildir bükülməyən dizlər Bükülüb indi yaş çubuqlar tək. Ağlamaq bilməyən bu sərt gözlər Ağlayır, ağlayır çocuqlar tək! Yenə ruhunda bir təkəbbür var, Onda guya dəniz, sular, dağlar Söyləyir: – Qantemir, utan, doğrul, Sən ki, ərdin, tapınma, qalx da, ər ol! Bu qədər yalvarış nədir bu qıza... Baxıyor Durna bu kədərli üzə, Çeynəyir ruhun odlu bir dəhşət, Gülüyor heyətində bir əzəmət; Inliyor gözlərində yorğunluq, Qaplamış kainatı susqunluq. 13 Göydə ay ağ buluddan ayrıldı, Qara varlıq ziyaya qərq oldu. Göylərin boşluğunda pək müdhiş, Sanki pək laübali bir sərxoş Gəzərək kainatın hər yerini, Sərpərək öz ziyalı tellərini. Durnanın etdi üzcüyün tənvir. Gəl də, şair, bacarsan, et təsvir! Çalma, rəssam, fırçaya çəngə; Giriyor, bax, nəfəsdə yüz rəngə. Həp qızarmış bu gül yanaqlar, bax, Al dodaq, sanki indi qan axacaq. Qara qaşlar çatıldı quş qanadı, Qara gözlərdə titrəyir sevgi; Nəfəsin çəkdi bir tərəddüdlə, Sanki vardır pək incə bir diləyi. Istəyir söyləsin... yumruq ağzın Pək zərif bir şaqaq tək açdı. Dinməyir... ağlayır... tərəddüd edir. Gül dodaqdan, bax, iştə qan açdı. Susdu, guya ki, pək ağırdı sözü, Rəngi qaçdı, saraldı bət-bənizi. Istədi söyləsin, fəqət susdu. Küsdü, bilməm nədənsə, pək küsdü. Daldı bax, pək dərin xəyalə yenə, Düşüyor, kəsdirir o bilməm nə? Titrəyir, bax yenə qızardı üzü, Istəyir söyləsin dəminki sözü. Yenə susdu, baxışları süzülür, Daldı, bilməm nədənsə pək üzülür. Yenə küsdü, yaşardı həm də üzü, Baxıyor, sanki seyr edir dənizi. 14 Nədir, Allah, bu yavruda bu məlal! Bu tərəddüd, bu qəm, bu küskün hal! Aman Allah, nədir onun diləyi? Ilk baharın bu nazənin çiçəyi Yenə susmuş neçin tərəddüd edir? Kim bilir, o, həp nələr düşünür? Atasın istəyirmi qandırsın? Sevdiyinmi bir az yubandırsın? Atasın “yox!” deyib, yox etsinmi? Demədən sevdiyilə getsinmi? Yoxsa, atsın bütün, bütün eşqin, Olaraq keçmişin pərişanı, Sevsin ancaq yazıq qoca atasın, Çəkərək bir əzabi-vicdani? Keçmişin, sevdiyin, özün, ürəyin, Gələcək günlərin, adın, diləyin. Həpsin, həpsin atıb, onu tutsun? Bilərək kəndisin fəda etsin, Duyğunu, ağlı, hissi dondursun, Bu yazıq aşiqin ovundursun?.. Bu da pək güc, onun ümidləri bəs? Boğulur, san, yazıq çəkincə nəfəs. Hələ fikrində bir yığın heycan, Hələ qəlbində odlu bir vulkan. Hələ titrək dodaqlarında yaxar, Dünkü bir öpkünün bu gün yeri var. Həm də şahid bu ay, bu ulduzlar. Allah, Allah! O verdiyi sözlər... Bəs o? Bəs o? Onu unutdumu, dur, Seviyor, ox nasıl onu unudur? Səndə təsvirə güc bulunsaydı, Çöhrəsindən görərdiniz indi Ki, bütün bunları xatırlayaraq, Keçirir bir rəsm kimi gözdən. Yeri gəldikcə inləyir, saralır, Bəllidir, həpsi, həpsi də üzdən; Qızarır həp, yenə dönüb ağarır, Hər nəfəs başqa bir qiyafət alır. Göylərin boşluğunda ay qoşuyor, Ağ buludlarla sanki oynaşıyor. Ta uzaqlarda parlayan suları Ufacıq bir qayıq yarıb üzüyor; Qızcığaz həp əvvəlki tək dalğın, Onu, guya, düşünmədən süzüyor. Bax, çatıldı yenə hilal qaşlar, Qəti bir halda gəldi, doğruldu, Sanki bulmuş kimi o, istədiyin, Sərt, çevik tərpənişlə döndü dedi: – Ata, artıq mənim deyilsən atam, Mən sənə, anladınmı, indi yadam. Mən Xəzər sahilində bir durna, Sən də bir ovçu kimi vuruldun ona. Yetər artıq, üzülmə, ağlama, gül! Al, sənin indi sevdiyin bir gül, Çeynə, did, parçala, gəmir, məhv et! Nə bilirsən də et, muradına yet! Qoy eşitsin bütün cahan, bilsin! Həpsi dildən-dilə deyib gülsün Ki, rəzil bir ata, rəzil bir qız Yaşayıb öldülər də ismətsiz. – Durna! Yavrum, bu halətin dəhşət, Haqsızam mən, fəqət düşün, əfv et! – Keçmiş artıq, nə olsa, qoy olsun, Sənə həp son məzarım eşq olsun! Qoy desinlər, yalandır, aldanmam, Dinlə, zövcüm, mənim dünənki atam! Qoy desinlər: o bir rəzil qocadır; Məncə eşqin sənin fəqət ucadır. Sən özün heç, sözün də biməna, Eşqin ancaq böyük, vuruldum ona... Söyləyir Durna bilmədən özünü, Söyləyir kəlmə-kəlmə hər sözünü... Işlədikcə çapıq-çapıq nəfəsi, Eşidildikcə incə, dadlı səsi, Zənn edirsən ki, incə bir dilbər Sararaq bir kəmanı əllərini, Başdakı sevginin xəyalilə Inlədir aşiqanə tellərini. Söyləyir Durna – Qantemir, dinlə! Yaşamaq istəyirmisən mənlə! Seviyorsun yəqin ki, var xəbərim, Verərəm söz ki, mən də həp sevərəm. Sənin olsun ki, varlığım, ürəyim, Var fəqət səndən incə bir diləyim: Doğrudan sən məni sevirsənsə, Yapacaqsan nə sevdiyin diləsə. Görüyorsunuzmu, bax, bu ağ dənizi, Şüşə tək parlayır nasıl da üzü, Mənə təkdir bu göy sularda bir ev, Qaldır əvvəl bu yüksəyə, sonra sev. Istəyirsənmi boynunu qucayım, Mənə imkan ver, ilk əvvəl uçayım, Uçayım pək uzaq bu yerlərdən, Uçayım pək uzaq bəşərlərdən... Burda qalsam, mənim üzüm gülməz. Məni bir kimsə anlamaz, bilməz; Gələr hər kəs dilində yəzdani, Anlamaz kimsə zövqi-ruhani. Öylə olsun evim uca və böyük, Övzülün Kaspi öpsün, üstün göy. Bu bina sevgililərlə qoy dolsun, Dörd yanım, həp mühitim eşq olsun; Mənzilim olsun eşqlər yuvası, Adı olsun sevimli Qız qalası. Durma, get, haydı, çırpınır ürəyim; Get, fəqət bulmalı yerin diləyim. Ondan əvvəl mənə görünmə, saqın. Qantemir açmadan dilin, dodağın. Sanki gənc çağların bu gün yaşıyor, Sərt addımlarla həp uzaqlaşıyor, Yenə dik gözlərində bir şiddət, Yenə fikrində bir yığın dəhşət. 15 Yel bir az da sərinləşib əsiyor, Baxışı sərt işıqla Ay kəsiyor, Mey vurunca xəfif-xəfif yellər, Qız daha müztərib durur, inlər. Sahilə bir ufaq qayıq yanaşır, Süslü bir gənc onun içindən aşır. Durnaya doğru durmadan qoşaraq, Ona doğru haman yaxınlaşaraq, Söyləyir: – Pək gecikmişəm, Durna! Ağlayırsan, aman, darıldın ona! Bilmədim, sevdiyim, bağışla məni... Durnanın titrəyib bütün bədəni, Baxıyor pək sürəkli, pək sakit: – Son, bütün son, səfalı günlərə son! Son, bütün keçmişə, keçənlərə son! Məni bundan sonra düşünmə... – Aman! – Bilirəm pək bəlalıdır hicran, Duyğusuz, uyğusuz yetim gecələr, Süslü dünya cəhənnəm olsa əgər, Yenə qarşımda başqa yox tədbir, Iki yol var, fəqət, nəhayət bil, Həp ölümdür, ölüm, ölümdür, ölüm! Iştə, yavrum, bu son səfalı yolum... Məni səndən ayırdı bir tufan, Çarə yox, böylə istəmiş yaradan... Durna bir gül ki, açmadan soldu; O səninçin həmişəlik öldü. Eşq üçün ayrılıq gözəl bir yol, Get, gülüm, get, fəqət üzülmə, ər ol! Baxaraq bir də son nəfəsdə ona, Evə doğru uzaqlaşır Durna. Yenə ağlar gözündə bir sevda, Yenə dalğın üzündə bir xülya. 16 Ay dolanmış da, həftələr ötmüş, Suda pək süslü bir bina bitmiş. Qucuyor övzülün dəniz, quru yer, Öpüyor yüksək alnını göylər. Üstü görsənməyir dumanlarda, Sanki itmişdir asimanlarda; Ilk gülən, son ölən şüası bütün Həp onundur doğan, batan günəşin. O gözəldir, o bir gəlin kimi şən, Baxıyor bir vüqar ilə gendən. Qarşıda daxmalar hörümlü, açıq, Komalar həp qırıq, tökük, dağınıq; Çevrəsində nə varsa, həp əski, Bir rəqib axtarır da, bulmaz ki. Suda öz kölgəsin görüncə gülər, Öz şubay görkəmilə fəxr eylər. Sanki bir güzgüdə boyun dümdüz Görərək, çevrilir gülər bir qız. Birləşib pək uzaq dənizlərlə, Baxıyor sahilə gülümsəyərək, Eşqə vurğun kədərli gözlərlə Sanki öz saçlarilə fəxr edərək. Iştə son zirvəsində göylərdə Duruyor, pək uzaq bəşərlər ona; Duruyor sanki bir sular pərisi, Duruyor bir vüqar ilə Durna. Baxıyor sanki bir mələk göydən, Bir mələk görkəmində gerçəkdən. Saçları arxaya səpinmiş açıq, Baxıyor sanki fikri pək dağınıq. Baxıyor, san, gözəllərin şahı, Baxıyor, san, gözəllik Allahı. Baxıyor sanki göydə bir ulduz, Baxıyor bir xəyali dilbər qız... Tac taxınmış çiçəkdən, otlardan, Sanki doğmuş bu, ağ buludlardan. Onu guya ki, bəsləmiş göylər, Bir çiçəkdir, toxunsalar, tökülər. Onu guya ki, şeirdən hörmüş Bir çəmənzar içində bülbüllər. Onu guya ki, nəğmədən toxumuş Nazlı bir qız, ziyalı bir dilbər. Onu guya ki, süsləmiş, bəzəmiş Göylərin incə mənəviyyatı. Onu guya ki, sevgidən yaradıb Ilk baharın gülümsəyən səhəri. Onu guya ki, bilmədən doğurub Gülüşündən görünməyən Tanrı. Yox, burax, tanrı-manrı bilməm mən O, qadındır, gözəldir hər şeydən. Sadə bir qız, sevimli bir dilbər; Ona tapqın dəniz, hava, quru, yer. Nədir əyləndirən həyatı, pəki? Bir gözəllik deyilsə bilməm ki, Həp yarınçın sürüklənirkən sən, Umduğun şey nədir yarınlardan! Gələcəkçin nədir bu qayğı, bu hal? Həp gözəllik deyilmi bir ideal? Iştə hər kəscə etiraf edilir Ki, qadın canlı bir gözəllikdir. Həp təbiət edir pərəstiş ona, Hamısından gözəl, fəqət, Durna. Həp çiçəklər onun gülüşləridir, Həp çəmənlər onunla süslənilir, Boş fəzalarda seyr edib uçuşan Bu mələklər xəyalı, kölgəsidir. Qəlblər, ruhlar, könüllər həp, Eşqə təslim olan bir ölkəsidir. Şairin, şerin həp ilahəsi o, Şeirlər, nəğmələr onundur hamı. Hər kəsin şərt-ilahi tapmasıdır. Əsil Allah bu, o biri yapmasıdır. 17 Üzüyor Qantemir düşündüyü bu, Inləyir sərt küləklərindən su. Bir qayıqla yaxınlaşıb yapıya, Bir buruq ip ilişdirib qapıya, Dırmanıb Qantemir, girir içəri. Dinmədən bircə-bircə pillələri Çıxıyor çox çapıq nəfəs çəkərək, Hər gördükdə bir azca əylənərək. Bir baxış... sanki seyr edir suları Yenə qalxır çapıq-çapıq yuxarı. Çal bığlar, çəkincə iç titrər, Enli alnından axmada tərlər. Qarışıq çöhrədə sevinc parlar; Parlayan gözlərində eşq oynar. 18 Əmrinə Durnanın boyun əyərək, Qantemir büsbütün əməl etmiş. Ikiillik əzabdan sonra Su içində bu dik bina bitmiş; Toplamış ölkəsində hər nə ki var Bacarıqlı, dəyərli sənətkar. Hamısından da çox çalışmış özü Eşqə təslim üçün coşan dənizi. Can çürütmüş, əzaba qatlanmış, Hər daşın göy yaşıyla islatmış. Iki il cansıxan uzun gecələr... Bir cəhənnəm otaq, yataq, hər yer. Iki il ayrılıqda çırpınaraq, Bəkləmişdir bu son günü naçar. Iştə son gün ki, bu bina bitmiş, Yenə axşam mayis... sevimli bahar. Əyərək Durna həp qəzayə boyun, Gecələr, uyğusuz, gündüz tutqun, Gözü ağlar nasıl ki, yazda bulud, Bağçalar həp gözündə bir tabut; Bir məzarlıq gözündə aləmlər, Yaşamış adətən cəhənnəmlər. İkiillik əzabdan sonra Əmrinin bitdiyin demişlər ona. Büsbütün əski xatiratə uyuq. Bu binaya bu gün çıxıb Durna, Baxıyor bir maraq ilə göydən, Baxıyor kainata yüksəkdən. Görüyor bir yığın ufaq komalar, Bəşərin ilk məzarı həp bunlar. Zəmilər, bağçalar ki, böylə geniş, Bir məzarlıq deyilsə, ya nə imiş? Həp bu insan nədir, tifil hərbi? Gəzişir bir yığın qarışqa kibi! Bunun ondan nə fərqi var, tək bir, İki, ya dörd ayaqlığındamıdır? Eşqlər, duyğular, düşüncə, bu qəm... Nədir, Allah, bu çarpaşıq aləm? Öylə açmış təsəvvüratı qanad, Oynayır sanki bir yüyənsiz at. Başqalaşmış gözündə həp dünya; Son dönüşdür bu, seyr edir guya. Görür insanların keçinməsini, Günəşin son şüası sönməsini. Hərəkətlər də sustlaşır artıq, Bir sükutə batıb gedir aralıq, Indi dammış sükunət hər yerdə, Eniyor kainata bir pərdə. Bir qaranlıq, ürək sıxan qaralıq, Daldı həp birdən uyquya varlıq. Yandı göylərdə göylərin çırağı, Indi ay doğdu, sanki qan çanağı. Durna artıq baxınmayır, dalmış. Bəkləməkdən vücudu sustalmış. Gözləyir göydə öz ərin – atasın, Ruhu dalğın, vücudu həp dalğın. 19 Qapını Qantemir açıb girdi, Durna diksindi, sıçrayıb durdu. Iki ildir görüşməmişlərdi, Hər baxış, san, bir incə xəncərdi... Qara gözlər dikildi Qantemirə, Sanki mızraq dayandı sərt dəmirə. Ilk əvvəl endi bir sürəkli sükut: Ata məhbut, qız da həp məhbut... Qantemir sonra, uslu, çox qorxaq, Cansıxan bir sükutə son qoyaraq: – Durna! Yavrum! Neçin donub qaldın? Pək üzüldün, neçinsə sustaldın! Durna durmuş bir incə sərtliklə, Dinməyir bir sükut içində hələ, – Nə gözəl bir qiyafət almışsan! Sən həqiqətdə pək gözəlmişsən! Ox! Bu paltar, yanılmayırsam əgər... – Anamındır, əvət, bu əlbəsələr; Doğrudur, Qantemir, xatırladığın. – Bu qiyafətlə kaş ki, bilsəydin, Nə qədər bənzəyirsən öz anana! – Bir zaman gənc ikən... Vuruldum ona... – Abşeron xanlığıyla çarpışdın... Bir təsadüf ki, sən əsir düşdün. – Demə, yavrum, yetər keçənlərdən... – Səni onlar da asmaq istərkən, Anam ancaq təsadüfən görmüş, Gecə gəlmiş... – Əvət, bəlalı bir iş – Uyuyurkən yanında bir cəllad, Səni dustaqdan eyləmiş azad. Xan qızıykən əsirə bağlanmış. Səni sevmiş, vəfalısan sanmış. – Onu mən son məzarədək sevdim. Onu hətta bu gün də... ah nə edim? Onu dünyaya bu gün dəyişməzkən... – Bircə sən, sən onun bərabərisən. – Izləyirkən sizi qızın atası, Söylə, batrıldı Abşeron adası... Qantemir xatirat içində haman Çeynəyir sanki varlığın qaplan. – Durna! Yavrum! Burax, danışma daha! – Üzülürsən, neçinsə, ha-ha-ha!.. Bax, bu süslər, bu gördüyün paltar Həp onundur, geyinmişəm nə ki, var. Qucacaqsan bu yadigarı... utan, Qantemir... iştə həpsi qandır, qan... – Durna... artıq bu sözlərin yersiz. Sən unutdunmu? Bağda verdin söz... Mən də, eşqim də suçluyuq bəlkə, – Andı qırmaq yaqışmayır türkə, “Olacaqdır?” – dedim, dedin: “Olacaq!” Mən bu dəryanı zorla susladaraq; Vermişəm bu binaya varsa nəyim, Hökmdarkən önündə indi nəyim? Məni heç bir səbəb utandıramaz, Eşqdən aşiqi usandıramaz. Hər şeyin varsa bir nizamı bu gün, Eşq üçün yox cahanda bir qanun. Qoy dağılsın bu varlıq övzüldən, Qalmasın bir iz ölkədən, eldən! Qaplasın qoy cahanı bir matəm, Göz yaşında boğulsun həp aləm! Qoy cahan dövrü saxlanıb dönsün! Yanmasın göydə bir ziya, sönsün! Bitməsin bir göyərti bir yerdə, Gülməsin bir çiçək çəmənlərdə! Ildırımlar vurub da, od, yansın. Yerə ensin nə varsa – ulduz, gün!.. Yerə qiyamət kəsilsin istər yer! Həp bu varlıq sükuta qoy dalsın, Dirilik məhv olub da sarsılsın! Qaplasın kainatı bir qaralıq, Bir xəyal olsun iştə həp varlıq! Ölüm açsın həyata qarşı yürüş, Ulasın hər tərəfdə bir bayquş! Qoy cahan bir məzara çevrilsin, Bəşəriyyət həyatı son bulsun! Yenə ruhum qımıldamaz əsla! Yenə eşqimdə sabitəm, Durna!.. Mən bu gün bir yabançı, sən bir qız, Iştə son gün, xatırla, verdin söz. Intixab et, önündə var iki yol: Ya bu gün öl və ya ki, təslim ol! – Andı qırmaq yaqışmayır türkə, Kim bilir, mən alışqanam bəlkə. Ona söz verdim öncə, son döndüm, Eşqə yandım, sonunda həp söndüm. Sənin eşqində bir zaman varkən, İncə bir duyğu, incə bir məna. Qantemir, indi sən nəsən, nəçisən? Adi bir ər, qadınçı bir sima. İkiillik öz iztirabımdan, Anladım mən nədir dəyərli həyat. Zövq alırkən bu göz yaşından mən, Sən... nədir eşq, duymadın heyhat! Boyun əymək bir ehtirasa fəqət, Kiçikləşmək deyilmi, təsdiq et! Bir zaman başqa bir ifadə ikən, Indi, sən... bax, bu daş, bu torpaqsan. Mən sənin eşqinin əsiriydim. “Səni sevdim!” xatırla, mən demədim. Doğru bir sevgi, bir gözəl sevda, O, edilməz bir ehtirasa fəda. Həp bu təhdid üçün səbəb nə imiş? Eşqə qarşı ölüm böyükmü bir iş! Mən sevirkən bir özgəsin gəldim, Yeni bir eşqə bağlanıb, öldüm; Mən yanıldımsa, fərq yox, hamı bir, Sən yaratdın, yaşatdın, həp öldür. İki şey səndə çırpınıb duruyor: Biri eşqindir, o biri nəfsindir. Ya tapın eşqə, yüksəlib mənim ol, Mənsiz ol, ya da nəfsə təslim ol! Məni əfsanələrlə doldurmaq, Bir taqım boş xəyala uydurmaq Bəlkə mümkün, fəqət nəhayətsiz Dolaşıb, bir nəticə bəkləməmək Heç də mümkün deyil; fəqət xoşdur Hər əzabın soniylə əylənmək. Ayrılıq, ağlamaq gözəldir, əvət, Bir vüsalın ümidi olsa fəqət. Həm də varlıq önümdə titrərkən. Bu cəsarətlə çox keçinməzsən. İki il bəklədim ki, son bir gün... Həp bu gündür, əvət bu qanlı düyün. – Qanlı, qansız əlimdəsən artıq; Ya mənimsən, və ya ki, yoxsan, yox! Qantemir gözlərində qan əsəri, Yürümək istəyirdi həp iləri; Durna ilk addımın onun görcək, Baxdı bir kainata pək ürək, Sanki bir quş gələn görüb qaçacaq, Sanki bir durna indicə uçacaq. Yapının son kənarına çıxdı, Bir də həsrətlə aləmə baxdı. Gördü əvvəl bulunduğu bağca, Yenə bir can sevən işıqlı gecə. Baxıyor Durna göy geyimli düzə, Baxıyor ta uzaq-uzaq dənizə; Düşüyor könlünə keçən işlər, Ax, sevimli, səfalı keçmişlər... Gecə, göy bağçalar, yaşıl bağlar, Sevdiyin bəkləyib duran çağlar, Xatırından keçir çocuqluğu həp, Anası, keçmiş evləri, məktəb. Gəliyor fikrinə haman o gecə, Həp nasıl da dayandığı ağaca. Atası, ah, haman gecə atası, Yada düşdükcə çırpınır nəfəsi. İki il sonra sürdüyü dəmlər, Qayğılar, duyğular, ağır qəmlər Qarşısından birər keçir bunlar, Gözü yox, ruhu büsbütün ağlar. Düşünüb inadı həp bir sözlə, Büsbütün məhv edib ata diləyin. Xatırat, ox... Aman, aman, dəhşət! Xatırat, ox... yaxıb tökür ürəyin. Yenə ay göydə durmada sabit... Yenə əvvəlki tək dəniz sakit. Yenə də bir ufaq qayıq üzüyor, Baxıyor, sanki son dönüş süzüyor, Büsbütün, büsbütün unutmuş özün, Baxıyor kainata pək dalğın. Duraraq parlaq ayla üzbəüzə, Baxıyor parlayan açıq dənizə. Uyuyor, qarşısında bir uçurum, Ah, bu parlaq suda nə dadlı ölüm!... O zamandan ki, sevdiyin qovmuş, O da kəndin bu Kaspidə boğmuş. Neçin, Allah, neçin? Səbəb o... əvət! Ah... nasıl qıydı da ona, dedi: “get!” Neçin əhd etdi, bəs neçin qırdı, Sevdiyin başqasıyçın öldürdü? O, həyatın bir eşq üçün verdi; O, igid, həm vəfalı bir ərdi. Ondan ayrı dayanmayıb getdi; Getdi, həp kainatı tərk etdi. Qantemir atmaq istəyirdi qədəm, Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm, Eşq üçün ayrılıq, ölüm bir gün, Məncə, ən dadlı bir xəyali düyün. Bizə bir gün düyün yapar sonda Ana Quzğun səfalı qoynunda. Ah, uçun! Ah, əzablar yuvası... Ah, bağışla, sevimli Qız qalası! – Deyərək, saçla örtüyor üzünü, Parlayan Kaspiyə atır özünü... Geyimin oxşadıqca yel guya, Axıyor göydə canlı bir xülya. Uçuyor həp, nasıl da söyləməli, Sanki bir şairin uçan əməli. Axıyor sanki pənbə bir röya Bir mələk, ya ki, canlı bir sevda Axıyor sanki bir axan ulduz. Bu uçan Durnadır, əvət, yalnız. Sanki göydən yerə xəyal uçuyor, Onu Quzğun dayanmadan qucuyor. 20 Yenə ay öz işıqların səpələr, Yenə oynar dənizdə ağ ləpələr. Yenə əvvəlki tək yerində qala; Bircə kim yox! Aman, yazıq Durna! 21 Daim ondan sonra bu ev məhzun, Indi ondan bu evciyəz küskün. Dörd yanından onun sular qurumuş, Yüksək evlər bütün onu bürümüş. Dövrəsindən gurultular soyumaz, O fəqət bunlara məhəl qoymaz. Ta o çağdan o kəndi Durnacığın Düşünüb durmada bu cür dalğın. Ta o çağdan özün unutmuş o, Başqalarçın çəkir fəqət qayğu. Ta o çağdan o, bir peyğəmbərtək Bəşərin halına yanıb acıyor. Zirvəsində fənər, uçanlar üçün Odlu bir ölkənin yolun açıyor. * * * == Məktublar == Cəfər Cabbarlının İsmayıl Hidayətzadəyə yazdığı məktub Hidayətzadə Suxumidə müalicə olunarkən Cabbarlının ona yazdığı məktubundan. Söhbət «Almas» əsərinin tamaşaya qoyulmasından gedir. «Almas»ı vermişdilər Mayorova. Oxuyub, çox xoşuna gəlib… deyir «potryasayuşie ssenı»ları vardır. Ancaq o, martın 25-dən özünü bizim teatrın rasporyajenisinə verə bilər, çünki o vaxta qədər «Qore ot uma» qoyacaqdər. Ona görə mənə təklif etdilər ki, sən özün Əliağa (Əliyev-rejissor) ilə birlikdə verginən. (Hələ orasını sənə yazım ki, məni beş-altı gündür prikaz ilə rejissorluğa keçiriblər…) Mən dedim istəmirəm… Çünki o dəyişikliyi ki, onlar istəyirlər, mən razı ola bilmərəm. Onlar deyirlər ki, heç bir şeyi dəyişdirmək istəmirik, ancaq bir kəlmə artır ki, Almas kommunistkadır… Mən deyirəm ki, Almasın təbiəti tam başqadır… Onun bir çox səhvləri vardır. Naivnidir və i.a. kommunist olsa, onun şəxsiyyəti ilə tutduğu vəziyyət arasında proval əmələ gələr… Mən deyirəm qoyun bu il qalsın… Razı olmurlar……. «Bakinski raboçi» teatrı «Sevil»i yaxşı vermədi. Xoşuma gəlmədi. Sözlərini bir qədər dəyişdiriblər… Mən protest etdim… Dedilər, yoldaş Cabbarlı, gördün ki, böyük-böyük kişilər yaylıq çıxarıb uşaq kimi ağlayırdılar. Arvad və qızlardan danışmağa belə dəyməz… Sənin üçün bütün salon yarım saat ovasiya düzəltdi, heç bir yazıçı ki…. Buraya gəlmişdilər, belə şey görməmişdilər. Halbuki, sən yenə bizim quruluşumuzdan razı deyilsən. Mən dedim: «Ağlamaları ilə mənim işim yoxdur, Azərbaycan və erməni teatrlarında da ağlayırlar. Ovasiyanı da özüm üçün deyil, Azərbaycan mədəniyyəti ilə rus kütləsi arasındakı rabitə ayağına hesab edirəm. O ki, qaldı mənim özümə, mənə pul lazım deyil, elə böyük adım da yoxdur ki, batırasınız. Lyubitel babayam, durmuşdum yerimdə, bayaq da yerdəydim, yenə də yerdəyəm. Ancaq bu əsər Azərbaycan səhnəsinin əsəridir. Mən razı olmaram ki, siz o səhnəni şübhə altına alasınız… çünki Azərbaycan səhnəsi belə primitiv və bədii qiyməti olmayan səthi agitkalardan yüksəkdir.» Nə isə, bu da hələ qalsın… …Türk işçi teatrı da «Sevil»i verir. Orada Ülvi və Mərziyə oynayırlar… indi Qutman «Sevil»i verir. O da baş-ayaq vurur. Məsələn, bir bal verir. Orada Balaşın bir qohumunu öldürürlər. Beləliklə, Atakişinin geydiyi «ölü» paltarı məlum olurmuş… Baxdım… baxdım… nə deyim? Xülasə bir tutuşduq. Yarıyacan təslim oldu. Sabah bir də danışacağıq. Nə isə… bu hələ qalsın… İmza. 1931-ci il. * * * == Kiçik həcmli və natamam pyeslər == İncə 2 pərdəli dram Birinci pərdə Yaşıllıq, ağaclıqlar içində bir kəndciyəz. Sağdan, soldan bir neçə evin qapısı kiçik bir meydançaya açılır. Aydınlıq bir gecə. Pərdə açılınca Aslanbəy, Gülbudaq, Valentinov, Dmitri və bir çox əsgər oğurluğa gedirlərmiş kimi, baxınaraq girirlər. Aslanbəy (soldakı kiçik bir evi göstərərək). Budur qaçaq Aydəmirin daxması. Valentinov. Indi orda kim yaşayır? Aslanbəy. Bir anası, bir də kiçik, beş yaşında qardaşı. Valentinov. Çox gözəl, bir bilsəydik, bəlkə də gəlmiş. Aslanbəy. Yox hələ də gəlməmiş. Valentinov. Kim bilir ki, bəlkə də heç gəlmədi, həm də bizi görsələr... Aslanbəy. Yox, bu gecə ölsə, qalsa, gələcək. Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. Valentinov. Sanki peşmanlıq sözü Qafqaza girməmiş. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. Ola bilər gündə yüz yol düşünsün, daşınsın, əvvəl xəbər göndərsin, sonra fikrin döndərsin, söyləsin, gəlməsin. Aslanbəy. Yox, o bir söz dedimi, heç bir zaman unutmaz. Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək. Valentinov (Dmitriyə). Aslanbəyin buyurduğu doğrudur. Onu mən də eşitdim. Bir də bir şeyi unutdum. Özü nə cür adamdır, nə cür paltar geyinmiş? Aslanbəy. 19 yaşında çubuq uşaq. Üç ay var ki görməmişəm, geyimini bilmirəm. Ancaq yazıq Əsədbəyi yaralayıb qaçarkən bir qırmızı cuxa vardı əynində. Ondan sonra kəndə ayaq basmamış, meşədəki qaçaqları toplamış. Valentinov. Təkmi gələr? Aslanbəy. Kim bilir? Dəstəsində adam çox... Valentinov. Fəqət mənim barmağım da yaralı. Tək də olsa, heç bir güllə ata bilmərəm. Sən bir qədər yaxın yerdə daldalan. Bir şey olsa, haman gəl. Mən dayana bilmirəm, barmağım bərk ağrıyır. Kazaklar da bu yerlərə elə tanış deyillər. Aslanbəy. Ancaq, Valentinov, əziz əfəndim, bu gün tutub sabah buraxmasınlar. Yoxsa... Valentinov. Tutulması çətindir. Gerisindən qorxmayın. Aslanbəy. Mənim artıq dayanmağım gərəksizdir, deyilmi? Valentinov (kazaklara). Çox gözəl, gedib söylədiyim yerlərdə ayrı-ayrı gizlənin. Dmitrini dinləyin. Atmaq lazım gələrsə, qaranlıqda çaşıb bir-birinizi vurmayasınız. Haydı, hər kəs yerinə! (Kazaklar haman dörd tərəfə qaçışıb gizlənirlər.) Valentinov (Dmitriyə). Sən də gözlə, çaşma ha! Bu heyvanlar üstündə güllə bizə dəyməsin. Bu tülkünün pulu çox. Həm də sağmal bir inək. Bu gecədən yaxşı çıxsaq, sonrasına baxarıq. Bu kənd bütün bu tülküyə baxır ha! Nüfuzu çox, həm də böyük bir mülkədar oğludur. Aydəmir də, mən biləni, kimsəsiz bir uşaqdır. Həm də mərd, çox igid olmalı ki, bu tülkünü qorxuzmuş. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, istər hamısı qırılsın... Aslanbəy. Mən gedimmi? Tarverdi (öz-özünə oxuyaraq daxil olur.) Pulum varsa, günüm varsa, yalan sözüm həqiqət. Haqsızam da haqlıyam. Pulum yoxsa, gücüm yoxsa doğru sözə nə hacət? Haqlıyam da haqsızam! Valentinov (onu görüncə diksinib ürkərək). Kimdir ey? Tarverdi. Mən, dəli! Valentinov. Bu nə deyir? Bu kimdir? Aslanbəy. Heç, dəlidir. Özgə deyil, əmimdir. Bir az ağlı oynamış. Tarverdi. Dəliyəm, çomaqsızam, tazayam, yamaqsızam, bir az yavan və yağsızam, pulum da yox, gücüm də yox, odur ki, çoxdan haqsızam... Aslanbəy. Bəsdir, yubanmayın, gəlin! Valentinov. Bu doğrudanmı bir dəli? Tarverdi. Odunçuyam, bəy deyiləm, odur ki, çoxdan dəliyəm. Valentinov. Kişi, boş danışma, it get! Əcəlin yetişməmiş sovuş! Tarverdi. Yer allahın, mən Allahın, sən nəçisən, hə? Aslanbəy. İtil, cəhənnəm ol! Valentinov. Fəqət bu heç ağılsız olmasın gərək. Aslanbəy. Bəli, bəli, odur dəli. Neçin ki, kimsəsiz uşaq, kömək də yox, qızıl da yox, bir az da mərd sifətlidir. Valentinov. Kimdir o? Tarverdi. O sərsəri ki, qardaşın bizim əfəndi (Aslanbəyi göstərir) öldürüb, özün də indi axtarır, qaçaq salıb dolandırır. Nədənsə rahat olmayır. Fəqət, qaçın, yaxındadır. Valentinov. O kimdir? Tarverdi. Aydəmir! Valentinov. Fəqət o hardadır? Tarverdi. Yamacdadır. Söyüddə qarpız axtarır. Valentinov. Ağacda qarpızmı dedin? Tarverdi. Çətindirmi? Fəqət düşün. Bu göydə hey bu qarğalar, bir az düşün. Özün də bir ağacda qarpız kimisən. Valentinov. Gözlə bu kefli olmasın. Tarverdi. Kefli odur (göyü göstərir), sayıqlama. Valentinov. Fəqət bunda düşüncə yox. Tarverdi. Xeyr, xeyr, düşündüm. Dünən gecə 44 saat düşündüm. Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? Onda buynuz olmasaydı, bu idi. Ya bu buynuz taxsa idi, o idi. Aslanbəy. İtil, sarsaq! (Tarverdinin boynundan tutub dümsükləyir; o birilərə) Burada durmaq zərərlidir. Valentinov. Haydı, hər kəs öz yerinə, bərk durun! (Gedirlər.) Zeynal (tələsik və acıqlı girib Aydəmirgilin qapısını döyərək). Səlim qızı, Səlim qızı! İçəridən Səlim qızı və beşyaşlı uşaq çıxır. Səlimqızı. Nədir, sizə qurban olum? Buyursanız! Zeynal (çox acıqlı). Zəhər, boğma, dərd, azar. Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. 16 il hökumətin kəndxudası olmuşam. Qızım sizə tay deyil. Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. Ona-buna xəbər yayıb Incə belə, Aydəmirə də belə demək ayıbdır! Bəylər mənim kandarımı öpərkən, sizin kimi gədalar qoşulmaq?.. Səlimqızı. Zeynal, vallah, biz heç yerdə İncə sözün... Ze ynal. Allahıma and içirəm, bu daxmanı alt-üstünə çevirər, od vuraram, torpağı da görünməz. Qan su kimi yol tutar. Qızım sizə tay deyil, ağzınızı toplayın! Səlimqızı. Zeynal qardaş, biz elə söz demədik. Heç bir zaman cürət edib demərik. Sənin adın-sanın var. Biz bu kənddə iki nəfər kimsəsiz. Yavan çörək, o da güclə tapırıq. Yazıq balam, sən bilirsən, meşələrdə... Ze ynal. Mən qaçaqdan qorxmuram. Mən çox qaçaq görmüşəm. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Qaçaq-maçaq bu gün sabah bir gülləyə qurban olub gedəcək. Qudurğanlıq sizə xeyir gətirməz. Həddinizi bilin. Bir də əgər belə bir söz eşitsəm, onda məndən görməyin... Səlimqızı. Axı bunu kim deyir? Zeynal qardaş, biz yazığıq, elə sözlər deməmişik. Sən bizimçin ata ol, sən bizimçin qardaş ol! Biz kimsəsiz adamlar... Zeynalbəyin qızını almaq... Sən bilirsən bir oğlumu 5 ay əvvəl zalım Aslan öldürdü. Aydəmir də, bilirsən ki, dağda-daşda, ona qızmı yaraşar? Ze ynal. Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. Su yerinə qan axar. Qızım sizə tay deyil. Sonra məndən görməyin. (Gedərək.) Qızım sizə tay deyil. Yurdunuzu darmadağın yandıraram, yaxaram. Sözlərinə bir baxın, nanəciblər, qudurğanlar, tulalar (Gedir.) Xaspolad. Ana, neçin Zeynal əmi səni döymək istədi? Neçin bizi söyürdü? Səlimqızı. Heç, oğlum, söymədi. (Ağlayaraq uşağı içəri aparır.) Gəl, yavrum... Xaspolad. Ana, mən də sabah gedib pəncərəsin qıraram. Səlimqızı. Yox, oğlum! Xaspolad. Ana, neçin ağlayırsan? Sapandımı görmədin? Budur, bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam. Səlimqızı. Yox, oğlum, sonra səni döyərlər. Xaspolad. Qaçaram. Sən onları qoymazsan, deyilmi?.. Səlimqızı. Mənim gücüm çatarmı? Onlar məni döyərlər. Onlar kişi, mən arvad. Xaspolad. Sonra, ana, gələr mənim qardaşım da, hamısını öldürər. O kişidir, kişilərdən qorxmayır, deyilmi? Aydəmir bəs evə haçan gələcək? Səlimqızı. Gələr, oğlum, darıxma. Ona bir söz söyləmə. Böyüklərə daş atma. Salam vergilən, oğlum. Xaspolad. Ana, əgər mən böyüsəm, heç birindən qorxmaram. Bir tapança alaram. Səlimqızı (ağlayaraq Xaspoladı qucaqlayır, ondan sonar əllərini göyə qaldıraraq). Ulu Tanrım, sən bu yetim yavrucuğumu əsirgə. Aydəmirə sən yar ol, nahaq bir qan tökməsin. Ona doğru bir yol aç, öz evinə qayıtsın. Ulu Tanrım, kimsəsiz bir ananın göz yaşını unutma. Gedək oğlum, Xaspolad! (Evə gedirlər.) Bu aralıq Aydəmir əlində tüfəng, çiynində patrondaş olaraq gəlir. Gözləri ilə bir şey axtarırmış kimi, baxınaraq içəri girir. Aslanbəy, Valent inov, Dmi tri çıxırlar. Aslanbəy. Odur, tək özüdür. Yoldaşları gəlməmiş. Valentinov. Hazırlanın! (A s l a n b ə yə) Sən də tez ol tüfəngini al, qayıt, evdə ona yaxınlaşmaq çətindir, gərək bayıra çıxmasını gözləyək. Aslanbəy. Bircə yaylım atılarsa, kifayətdir. Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək. Mən də evdə uşaqlarçın yemək-filan tapşırım. O vaxtadək haman dönüb gələrəm. (Gedirkən) Valentinov. Haydı, tez! Mən uzaqdan baxacağam. Dmitri, nə qədər də şubay boylu incə, həm də yaraşıqlı bir uşaq! Mən biləni bir o qədər təqsirkar da deyildir. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, cəhənnəm. Sən yerində hazır dur. Yaylım odun unutma. Haydı, get! Gedirlər. Durna və İncə girirlər. İncə. Bir xəbər bil, gəldimi? Du rna. İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallını məhv edər. İncə. Könlüm ona nədən isə bir yaxınlıq hiss edir. Fəqət, Durna, mən atama bağlıyam. İstəmirəm bir şey olsun, qan düşsün, atam məndən incisin. Du rna. Deyirlər ki, atan səni Aslanbəyə verəcək. İncə. Mənə qalsa, onu görmək belə istəmirəm. Fəqət qızdan soruşan kim? Ata hər nə söyləyərsə, qız da onu dinləməli, öl deyərsə, ölməlidir. Du rna. İndi yazıq Aydəmirin halı görən nə olar? İncə. Mənim ona heç bir zaman söz verdiyim olmamış. Mən bir qızam, öz başına öldürsələr, elə bir şey etmərəm. Təkbətək də bir kəlmə söz bir-biri ilə kəsmədik. Ancaq gah sən, gah o birisi ondan mənə, məndən ona söyləmiş, iki dəfə çox uzaqdan gözlərimiz birbirinə sataşmış. O da baxmış, mən də bir az baxmışam. Sonra uşaq yaylığımı oğurlayıb Aydəmirə vermişdir. Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli. Fəqət atam bilmirəm kimdən eşitmiş, istəyirdi bütün evi uçursun. Inanmayır. Doğru bir şey bilərsə, inan məni para-para doğrayar. Du rna. Yaxşı, əgər gəlmişsə, neyləsin? İncə. Evlərinə getmərəm. İki kəlmə sözüm var. Mən qorxuram, yaylığımı verməsə atam məni öldürər. Ona söyləyim. Tapşırdım. Söz vermişdi bu gecə üçün gələcək. Du rna. O səninçün, ölüm olsa, çəkinməz. Hər nə isə Allah belə istəmiş. Gedir. Bir azdan sonra Aydəmir yenə əlində tüfəng çıxır. Aydəmir. Məni görmək istəmişdin, gəlmişəm. İncə. Bir sözüm var. Istəyirdim yalvararaq onu sənə söyləyim. Aydəmir. Sən inan ki, sənin üçün hər bir şeyə hazıram. Ölümümü istəsən, bu dəqiqə ölərəm. Cəhənnəmə göndərəcək olursan, gözüyumlu yanar oda girərəm. İncə. Mənim sözüm çox deyil. Çünki bizi burda görən olarsa, atam məni öldürər. Aydəmir. Mən sağ ikən heç kim sənə bir kəlmə söz deməz. Aydəmiri torpaqlara gömməmiş, heç kəs onun ürəyinə toxunmaz. Unutma! İncə. Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. (Sükut) Bir neçə ay bundan əvvəl uşaq mənim yaylığımı aparmışdı.... deyirlər ki... mən özüm də bilirdim ki, səndədir. Onu almaq istəyirəm. (Sükut) Aydəmir. Bəli. Incə, məndədir. Fəqət bil ki, Aydəmirin taleyini qara məzar daşlarına çevirdin. Bir sözlə Aydəmiri öldürdün. Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. Eşitdim ki, məni görmək istəyirsən, o gündən gözlərimi yummadım. Bilməyirdim neçin. Düşündüm. Bir çox şeylər düşündüm. Bir çox şirin xəyalları göz yaşımla suvardım. O dediyin sözləri də xəyalıma gətirdim. Varlığımı sarsıtdı. Uşaq kimi qorxurdum, 12 inan, mən, güllələrdən çəkinməyən, aslanlarla pəncələşən Aydəmir, bu bir fikrin qarşısında yarpaq kimi titrəyirdim. İncə. Aydəmir, dediklərin varlığımı sarsıdır. Mənə qalsa, bəlkə səni dünyalara dəyişməzdim. Allah özü ürəyimdən xəbərdar. Fəqət mənim ixtiyarım atamdır. Istəmirəm atam məndən incisin, mənim adım xalq içində ləkələnsin, söyülsün. Sən könlümə doğmasan, fəqət atam... Aydəmir... artıq burda dura bilmərəm. Aydəmir. Bəli, atan şübhəsiz ki, mənim kimi bir yoxsula, bir kimsəsiz zavallıya getməyini istəməz. Mən səninçin çarpışmadan çəkinməzdim. Fəqət sən... Budur, al! İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. Səhnənin ardından səs qopur. Dmitri. Dayan, dayan! Tarverdi (səhnəyə atılır). Aslan... Aslan... soldatları çağırmış. Aydəmir. İncə, get. (Tarverdiyə.) Söylə: hər kəs istəyirsə, buyursun! İncə yerindən tərpənməmiş Dmitri səhnə bucağında görünərək. Dmitri. Tərpənmə! (İncə yerində dikilib qalır) Silahı burax! Aydəmir (tüfəngini dikləyərək). Kim canından qorxmayırsa, buyursun. Dmitri. Haydı! (Silahlar açılır. Dörd tərəfdən Aydəmirə atırlar. Aydəmir öz tüfəngi ilə hər tərəfə cavab verir. İncə çaşıb yerə oturur. Tarverdi bir tərəfə çəkilib daldalanır. Aydəmirin anası və Xaspolad bir həyəcan içində çıxırlar. Durna qapını aralayıb bir maraq və həyəcanla ağlayaraq baxırkən.) Silahı burax! (Eyni vaxtda atəşlər açılır.) Aydəmir. Aydəmir ölməmiş silahından ayrılmaz. Səlimqızı. Ay bala... atmayın. Ya allah! Aydəmir (güllələr arasından yaxınlaşan anasına). Uzaq (Eyni zamanda çəkilərək.) Səslər. Təslim ol! Tərpənmə! Aydəmir. Meşələrdə gözləyirəm. Kim istəyir buyursun! (Ataraq aradan sıçrayıb çəkilir. Anası da güllələr içində ağlayaraq onu təqib edir.) Valentinov, Dmitri, bir neçə əsgər səhnəyə çıxırlar. Valentinov (tez qalxıb getmək istəyən İncəyə). Tərpənmə! (Əsgərlərə.) Sanki hamı gözlərini evlərində unutmuş, otuz adam bir nəfəri qaçırtdı, tülkülər... kənd içində bir nəfər də gəzməsin. (İncəyə.) Sənin, söylə qaçaqlarla işin nə? Sən kimsən? (Sükut.) Yəqin ona xəbər verən, sursat, filan... sən yəqin ki, Aydəmirin bütün gizli yerlərini bilirsən, deyilmi? İncə. Mən, mən? Valentinov. Yox, yox, sənə söylədərəm!.. Alın bunu, bağlayın qollarını! (Bağlayırlar) Həbs edin. Sabah şəhərə gedər, dustaq olub doğrusunu deyərsən. Aydəmir də indi qaçdı. Fəqət mənim əlimdən asanlıqla yaxa qurtara bilməz. Göstərərəm mən ona! İncə. Vallah, mənim heç bir şeydə işim yox. Buraxın, atam məni öldürər. Mən.... mən.... Valentinov. Yox, qolubağlı gedib dustaqları görərsən, doğrusunu söylərsən. O bayaqkı qoca da qaçdımı? Tarverdi. Yox, yox, buradayam. (Çıxır) Bizim yerdə ayılardan qaçarlar, sizdən neçin qaçım mən? Valentinov. Bağlayın. Sənin dilin çox uzundur, qısalması boynuma. Tarverdi (qollarını bağlarkən). Demək, mənim xilqətimdə Allahımın səhvi var. Bu dil, bu qol heç də gərək deyilmiş. Valentinov. Yırtıcılar, vəhşilər! Tarverdi. Ancaq bir şey söyləyim. Aydəmirdən elçiyəm, istərsəniz açın məni, söyləyim. Valentinov. Tülkülüyü burax, kişi. Döyülməyin çatmasın. Tarverdi. Gərəksizsə, çox gözəl; o yalvardı söyləyim, mən də ona söz verdim. Heç olmazsa, mən yalançı olmaram. Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. Valentinov. Doğrudan da sənə bir söz demişmi? Tarverdi. Demiş! Valentinov. İndi özü haradadır? Tarverdi (barmağını uzadaraq). Odur, bax! Valentinov. Nə söyləyir? Tarverdi. Deyir ki, o tutduğu günahsız qızcığazı buraxsa, söz versə ki, heç bir zaman onun adın çəkməsin, namusuma and olsun ki, gələrəm. Silahımı vermərəm, fəqət təslim olaram. Mən nə qədər danladım ki, sovuş get, öz əlinlə boğazına ip salma. Meşəmiz də çox geniş. Söylədi ki, istəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün. Günahsızkən güldən təmiz adına qara ləkə vurulsun. Dmitri. Çox gözəl; sizcə bu bir dəli deyilmi? Ağlı olan özü üçün belə fəna bir şahidlik verərmi? Valentinov. Sözün doğru olmazsa? Tarverdi. Mən heç yalan söyləmərəm. Yalan olsa, mənə verən medalları A slanbə yə verərsən. Valentinov. Aç, burax! Get söylə ki, sözlərinə razıyam. Unutma ki, gəlməzsənsə, uşaqların buradadır. Haydı, get! Tarverdi. Gözləyin. (Gedir.) Valentinov. Açın qızın qollarını! Dmitri. Bəlkə yalan söyləyir, ya Aydəmir öz fikrini çevirdi, gəlmədi? Valentinov. Yox, yox, indi mən işləri anladım. Qız gərək ki, evlərindən xəbərsiz görüşməyə gəlmişdi. O da indi sevdiyinin bir adına həyatını qurban vermək istəyir. Doğrudan da söz vermişsə, edər də. Budur bunlar belədir. Zatən qıza lüzum yox, hər bir halda açın, fəqət bir az Dursun, gözləsin. Açırkən Aydəmir əlində tüfəngi girir. Aydəmir. Budur, mən! Valentinov (geriləyərək). Hə.... e.... e.... e, çox gözəl! Sizin belə doğru adam olmanız sizə zərər yetirməz. Istərsəniz... Aydəmir. Artıq mənə fərqi yox... Fəqət onu... söz verdiniz... unutmayın! Valentinov. Çox gözəl, mən sözümdən qaçmaram. Sevdiyiniz azaddır. Aydəmir. İncə!.. Artıq Allah amanında... gedin... İncə (ürəyini bir şey əzirmiş kimi, çaşqın bir halda yerindən qımıldanmayaraq).Fəqət... yazıq... Mənim üçün sən özünü məhv etdin... Valentinov. Indi sizdən bir neçə söz soruşmalıyam. Şübhəsiz ki, doğru cavab verərsiniz, deyilmi? Aydəmir (əvvəl İncəyə). Mənə artıq bütün dünya cəhənnəm. Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur. Sizi burda görməsinlər, gedin. (Valentinova.) Nə soruşsanız, söylərəm. Bağışlayın. (İncə çox mütəəssir, yerə mıxlanmış kimi durur.) Valentinov. Dmitri! Haydı, yaz!.. Dmitri. Qaranlıqda yazı yazmaq... Valentinov. Yaxşı, sonra yazarsan. Indi söylə yaşın neçədir? Aydəmir. 19. Valentinov. Bu yerlərdə kimin var? Aydəmir. Bir anam, beş yaşında qardaşım. Valentinov. Sən qaçaqsan, deyilmi? Aydəmir. Sözün varsa, söz danış. Səlimqızı (çıxır). Ay bala, sözlərimə baxmadın. Ay hakimlər, vallah və billah... Aydəmir. Uzaq, uzaq, səsini kəs! Səlimqızı. Onda heç bir təqsir yoxdur. Allah görüm Aslanbəyin evini altüst eləsin. Bir oğlumu öldürdü... Aydəmir. Səsini kəs, dedim. Haydı, get! Durna və Xaspolad çıxırlar. Xaspolad. Ana, bunlar qardaşımı aparmağa gəlmişlər? Səlimqızı. Vallah, billah... Xaspolad. Ana! Söylə qardaşıma getməsin, hamısını öldürsün. Aydəmir. Xaspolad, get, apar onu! Valentinov. Nə üçün, söylə, öz evini buraxdın, meşələrə çəkildin? Aydəmir. Adam vurdum, onunçun. Valentinov. A s l a n b ə yin öldürdüyü qardaşının intiqamını almaq üçün, eləmi? Aydəmir. Əsədbəydən soruşun, o qoy özü söyləsin. Valentinov. O deyir ki, istəyirmiş nişanlısın aparsın. Aydəmir. Yalandır. Fəqət artıq söyləməyə lüzum yox. Mən bir gücsüz zavallını onun iti caynağından xilas etmək istədim. Etdim də. Valentinov. Sənin fikrin qorxutmaqdı, öldürmək? Aydəmir. O zamanlar heç bir fikrim yox idi. Mən bir namus gözətçisi, o bir namus oğrusu, tutuşduq. Atdım, dəydi. Ölmədisə, orasında işim yox. Baxtı var. Valentinov. Yaxşı, bu iş nə cür oldu, söyləyin? Neçin vurdun? Aydəmir. Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq. Du rna. Ağa, durun, mən doğrusun söyləyim. Aydəmir. Durna! Valentinov. Danışın, sizdən xahiş edirəm, buyurun! Du rna. Biz bu kənddə iki nəfər bacı-qardaş yaşayırıq. Yoxsul, gücsüz, əqrəbasız, kimsəsiz. Bu Aydəmir mənim təkcə qardaşımın yoldaşıdır. Aydəmir də bir kimsəsiz adamdır. Beş ay bundan əvvəlləri biz evimizdə ac qaldıq. İstəyirdi qardaşım ki, şəhərə gedib işləsin, bir az çörək qazansın... Valentinov. Sonra, sonra? Du rna. Gedirkən can yoldaşı saydığı Aydəmirə dedi ki, evimizdə kişi yox, bu bacımı ümidində buraxır, gedirəm. Bacın kimi ona bax! Valentinov. Sonra? Du rna. Sonra bir gün Əsədbəy, o yırtıcı canavar, məni kənddə yalqız görüb istədi ki, qaçırsın. Çay başından gəlirkən saçlarımı əllərinə doladı. Kənd içindən sürüdü. Mən bağırdım. Heç bir kimsə qorxusundan yaxın dura bilmədi. Bircə yazıq Aydəmir bu səs-küyü eşidib, harayıma yüyürdü. Bir atışma başlandı. Əsədbəyə güllə dəydi, yaralandı, vəssalam. İşin əsli belədir. Valentinov. Sən əvvəldən Əsədbəyə qaçmaq üçün söz vermişdin, deyilmi? Du rna. Yox, yox! Qoy otuz cüz Quran mənim ciyərimi parça-parça doğrasın. And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim ona göz ucuyla baxdığım da olmamışdı. Qoyun gəlsin, gözlərinə söyləyim. Valentinov. Çox gözəl! (Aydəmirə) Hə, bu qızın dedikləri doğrumu? Aydəmir. Mən deyirdim divan-dərə görməmiş qız qapılara düşməsin. Artıq özü söylədi. Dedikləri doğrudur. Valentinov. Sən gedərkən bir silahın vardımı? Aydəmir. Budur, bax! (Yumruğunu göstərir.) Mənim təkcə silahım bu idi. Yetişdim, gicgahından yumruğumu endirdim. Yıxıldı, tüfəngini götürdüm. Yoldaşları dörd tərəfdən atdılar. Mən də onun tüfəngiylə ataraq, çəkildim. Hər tərəfdən güllə yağırdı. Əsədbəy də ortada. Fəqət ona, ehtimal ki, mən atdığım dəymişdir. Tüfəngi də bax, budur! Valentinov. Demək, sənin yoldaşın da, Daşdəmir də bu iş ilə əlaqədar kimidir. Aydəmir. Qətiyyən, o indi də bilmir. Valentinov. Yaxşı, necə yoldaş deyə, sən özünü od içinə tulladın! Aydəmir. Yoldaşıma söz verdim ki, namusunu gözləyim. Yoldaşımın namusu öz namusum deməkdir. Söz verdiyin bir adamın gözlərinə utanaraq qadın kimi baxmaqdansa, torpaq olmaq yaxşıdır. Valentinov. Fəqət neçin o zamanlar divanlara bu sözləri demədin? Aydəmir. Açıq-aydın bir şeydir ki, bu işlərə qardaşımın qatili Aslanbəy də girişmiş. Siz də onun dövlətini buraxıb, doğru sözü tutmazsınız, vəssalam! Valentinov. Bu söz doğru deyildir. Heç bir zaman hökumət ədalətsiz iş görməz. Bu işlərdə keçmiş köhnə intiqam da bir qədər rol oynamış. Dmitri, burasını unutma! Aydəmir. Mən doğrusun söylədim. İndi istər öldürün, istər məni buraxın, mənim üçün fərqi yox. Yaşamaq da istəmirəm. İstəsəm də, bacarmaram. Siz keçilməz meşələrdə bir əzrail saydığınız Aydəmiri bir göyərçin balası, uf... soruşacaq bir sözünüz varmıdır? İncə. Aman Allah! (Üzülür.) Valentinov. Meşələrdə yoldaşınız çoxdurmu? Aydəmir. Kimsə yox! Valentinov. Doğrusunu söyləyin! Aydəmir. Haydı! Artıq bir kəlmə söz söyləmərəm. Valentinov. Silahınız əlinizdə, lütfən, onu təslim... çünki... Aydəmir. Budur, al! (Tüfəngi yerə çırpır, tüfəng sınır). Valentinov. Qollarını bağlayın! İncə. Aman Allah, o yazığı mən çağırdım. Mənim üçün qayıtdı. Du rna. Allah Aslanbə yin evini dağıtsın, qapısını bağlasın. İncə. Onun belə görkəmi ürəyimi didir. Fəqət atam... Ox, zavallı ürəyim!.. Dmitri. Gedək! Aydəmir. Durna, bacım, o zavallı uşağı – Xaspoladı unutma! Du rna. Allah işlərini avand salsın. Get... Allah... (Ağlayır.) Valentinov. Haydı, marş! İncə müztərib bir halda son dəfə olaraq Aydəmirə baxınca, birdən bir şey kəsdirmiş kimi, əlində tutduğu yaylığı ona ataraq. İncə. Budur, al, get!.. Fəqət sən gəlincə, gözləyəcəyəm! (Ağlayaraq gedirkən) Aydəmir. İncə!.. Haydı! (Gedirkən) Pərdə İkinci pərdə Kənd kənarında gözəl görkəmli yaşıl bir çəməngah. Bir tərəfdə kiçik, fəqət gözəl bir şəlalə. Bir tərəfdə Aslanbəy qabağında bir neçə xonça oturmuş. Əsədbəylə söhbət edir. Qabaqda kəndin cavanları güləşir, oynaşır. Şərq musiqisi, yastıbalaban, nağara və sairə çalınır. Aşıq şikəstə oxuyur. Gənclər də ara-sıra onun sözün kəsib, oxumağa başlayırlar. Birinci pərdədən 2 il keçmiş. Aslanbəy. Elə nisyə danışıqdan kar aşmaz. Sonra gəlsin Aydəmir bacardığın eləsin. Əsədbəy. Aydəmirə vur-tut 5 il kəsilmişdir. 2 ildir getmişdir. Aslanbəy. Hələ 3 il igidin ömrüdür. istər sabah qayıtsın. Əsədbəy. Hər bir halda qanlı qanlıdan əl çəkməz. Aslanbəy. Əsədbəy, mən hər şeyin çarəsini düşünmüşəm, qoymuşam. Mən, əvvələn, Aydəmirin qardaşını öldürdüm. Sonra görün, özünü də sənin işin, ya başqa iş üçün hər bir halda qaçaq saldım, tutdurdum. 5 il də iş kəsdirdim. Budur, bu gün İncəni də alıram. Halbuki İncə onun sevdiyi. Bir bu qədər iş gördüm, Aydəmirin kələyini düşünmədim, eləmi? Maraq etmə, əzizim, düşündüm. Aydəmirin ancaq iki yeri var: ya əbədi Sibir, yaxud bizim məzarlıq. Əsədbəy. Çox gözəl, indi Daşdəmirə nə deyirsən? O da məncə, qorxulu. Gələn gündən işin-gücün buraxmış. Bir tüfənglə ora-buranı gəzir. Aslanbəy. Sən ağlını itirmişsən, Əsədbəy! Ya ördəkmi, durnamıdır, nədir, onun dərdindən və yaxud da Daşdəmirin qorxusundan. Əsədbəy. Aslanbəy, sən zarafat düşünmə. Daşdəmir də, Aydəmir də, lüt oğlan. Heyvanı yox, öküzü yox, yeri yox. Onlar üçün öldü, qaldı, fərqi yox. Bir bacıdır, hər bir halda, Daşdəmir heç olmasa da, gedər ərə, keçinər. Deyirlər ki, Daşdəmir də vermir ki, qoy Aydəmir qayıtsın. Aydəmiri gözləyir. Bu şeyləri unutmaq? Aslanbəy. Daşdəmirdən çəkinmə, Aydəmir bir başqadır. O şeytan oğlu doğrudan igiddir, həm də əli itidir... Xəlfə (gəlir). Saqi verin... zalım oğlu S ü l e y m a nı təpəsinə qaldırıb elə çırpdı ki, bir ilə də ayılmaz. Aslanbəy. S ü l e y m a nı yıxdımı? Xəlfə. Elə yıxdı, babasının kürəyinə sarıdı. Əsədbəy. Hayıf, hayıf. D u r s u n dayı, qocaldın. Xəlfə. And içdi ki, 5 ildir güləşdiyi olmamış... Dedi daha Aslanbəyin xətirindən keçmərəm. Süleyma nı bu vaxtadək heç bir yıxan olma- mışdı, elə verdi X o ruzunu qoltuğuna... (Padnosları götürüb Dursu na verir; uşaqlar, gənclər fındıqları, qənnadıları dartmağa başlayırlar.) Dinc durun, yazıq-yazıq orda uzanıbdır. Tazı kimi ləhləyir. Əsədbəy. Qoçdur, qoç... Gənclər hamısı paylaşıb: “Tək olmaz, qoyma, dart”, – kimi sözlərlə vuruşaraq, oynaşaraq gedirlər. Tarverdi çiynində böyük bir şələ odun olaraq girir. Əsədbəy. Sağ ol, sağ ol, ay Tarverdi. Şələsinə bir baxın, bir öküz də götürməz. Aslanbəy. Tarverdini çox da qoca bilməyin. Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm. Qoca deyil, əjdahadır, əjdaha. Tarverdi. Ağamızın toyunda belə işlər nə işdir? Əlimizdən gələn bu. Əsədbəy. Çox sağ ol! Tarverdi. Vallah, sizə qurban olum! Dedi ki, A s l a n b ə ydən başqa sizə, kasıblara bir adam yox əl tutsun. Allah onun ömrün artıq eləsin. Gərək cavan olaydım. Əsədbəy. Eybi yoxdur, A s l a n b ə y də gətirdiyin odunları unutmaz. Tarverdi. Allah ona oğul versin! Allah onu, dedi ki, Allah onu... Aslanbəy. Eybi yoxdur, Tarverdi. Keçən qışda gəldin məndən 3 pud tumluq buğda çəkdin apardın. Çarə yox, yazıqdır, verməsəm şumu qalar, dedim, qoca kişidir... Indi gərək xırman vaxtı 20 pud buğda çəkib gətirəsən. Tarverdi. Allah qoysa... dedi ki, Allah versə... dedi ki, Allah heç bir bəndəsini o ki var, darda... qoymaz, dedi ki... Aslanbəy. Get, Tarverdi, o buğdanın 10 pudunu bağışladım, apar ye, qalanını verərsən. Tarverdi. Allah səndən, dedi ki... razı olsun... (Aslanın ayağından öpmək istəyirmiş kimi, əyilərkən, şələ başından aşır, Aslanbəy və Əsədbəy qaldırır.) Aslanbəy. Tarverdi, get uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çırağban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. Sən də qorxma, bahar vaxtı bəyliyindən 5-6 gün keçərəm. Tarverdi. Allah səni, dedi ki, yazıqlara, fəqirlərə çox görməsin. Aslanbəy. Qoy deməsin camaat ki, A s l a n b ə yin kasıblara bir köməyi dəyməyir. Hamısının buğdasından, iş günündən keçərəm. Əsədbəy. Tarverdinin bir gözəl də qızı var. Aslanbəy. Həm də yaxşı qaytağı oynayır. Tarverdi. Hə, neçin, Allah sizin oğlunuzu saxlasın. Odur də...dedi ki, odur də, yırtıq-yamaq, dedi ki, odur də, uşaqdır də... Aslanbəy. Get, qızını gətir bir az qoy qaytağı oynasın. 10 pudu da bağışlaram, apar ye. Əsədbəy. Bu yaxşı! Tarverdi. Kişilərin yanında? Aslanbəy. Nə olar? Əsədbəy. Halva deyil ki, hop eləyib yesinlər. Aslanbəy. 10 pudu da keçirəm. Tarverdi. Neylək, neylək... O 10 pudu verərəm. İkicə pudu bu il yerə buğda səpdim... Allah versə... dedi ki, verərəm... (Tələsik gedir.) Aslanbəy. Bu nanəcib adamlara gəl də sonra yaxşılıq et. Mən istəsəm zorla tutub oynadaram, heç bir söz də deməz, deməz də. Mə lək. Keçin, keçin... arvad-uşaq bulaq üstə çıxır. Əsədbəy. Çox gözəl! (Ə s ə d b ə y) Xəlfə. Keçin burdan, keçin, gəlin bulaq üstə gəlir. (A s l a n b ə yə) Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıb oynasın. Aslanbəy. Çox gözəl! (Gedirlər.) Bir azdan sonra bir dəstə gəlin-qız əllərində dəf, kamança gəlirlər. Dursun dayının əlində də bir qaval, arvadlara qoşulub, oxuyaraq gəlir. İncə olduqca solğun və pərişan halda təzə gəlin paltarında qızlarla bərabər düşünərək girir. Dursun. Kim mənə yumurta versə, ona qurban olaram. Sevər. Kim sənə qapaz çəkərsə? Dursun. Ona da qurban olaram. Olmasam, atam yanar. Sevər. Yaxşı, yaxşı meydan açın! Çalın! Gülbacı, başla! Mə lək. Nədən utanırsan? İndicə gəlinin özünü də oynadacağıq. Sevər. İncə, hazırlan! Gəl də... yerə soxum boynunu, bax mən də oynayıram, gəl! Mələk və bir-iki qız Laləzardır bu gecə, Tale yazardır bu gecə, Gəlinə xına yaxın, Bəy intizardır bu gecə. Sevər və Gülbacı oynayırlar. Dursun (qavalını çalaraq). Daradam, daradam, daraydadam, daradam. (Özü də oynamağa başlayaraq) Görün ki elə yox, bax belə. (Oxuyur.) Pul da ki, vardır bu gecə, Verin qapan, gəlini çəkək, Dükan-bazardır bu gecə. Hamı gülür, əl çalır. Sevər. D u r s u n dayı! Bax, sən dayan, biz oynayaq. Əl-ayağa dolaşırsan. Sonra biz durarıq, sən oynayarsan. Dursun. Hə, yaxşı! Sevər. Sən qıraqdan oxu. Dursun. Yaxşı. (Oxuyur.) Orucu tutmadım yedim, yaxşı ki, kəffarəsi yox, Söz verib dayanmadım, keçər-gedər, çarəsi yox. Sənin eşqin bir odun, mənim də könlüm bir ocaq, Ver nöyüt alışdıraq, tüstüsü yox, qarəsi yox. İncə. D u r s u n dayı... sus, Allah eşqinə sus! Dursun. Yaxşı, susdum. Səhnənin dalından oxumaq səsi gəlir. İncə çox dalğın və mütəəssir dinləyir. Səs. Mən aşiqəm, əsmə külək; Səbrimi kəsmə külək! Sevdiyim uzaq yolda, Qabağın kəsmə, külək! Balam, ağrını alım! Yastıbalaban çalınır. İncə. Sevər! Sevər. Nədir, quzum, gözüm? İncə. Söylə, çalmasınlar, eşidək. Sevər. Gözlərim üstə. Təki sən mənə qulluq buyur. Ay qızlar, dayanın bir görək nə oxuyurlar. Gəlin bura (Aparır, özü qayıdır.) Səs. Ay qız, ay qız, ağam gəl, Ölməmişəm, sağam, gəl; Balam, ağrını alım! Boynumda qəm zənciri, Yolunda dustağam, gəl. Balam, ağrını alım! Qızılgül məndə qaldı, Bülbül çəməndə qaldı; Fələk bizi ayırdı, Yaylığım səndə qaldı. Balam, ağrını alım! İncə. Dursun dayı, ürəyim əzilir. Səs. Mən aşiqəm neylim sənə, Düşübdür meylim sənə; Mən dönsəm, üzüm dönsün, Sən dönsən, neylim sənə? Balam ağrını alım! İncə. D u r s u n dayı! Dursun. Nə var, dovşanım! Ay qız, ağlayırsan... yaxşı, dovşan mənəm. İncə. D u r s u n dayı, sən həmişə deyirsən ki, yaralı ürəkləri çox sevirsən. Dursun. Sevirəm, ancaq sizə nə var? Çünki qız ürəyi, sac çörəyi və yaxud xirmən kürəyi, oyan-buyan dönmək üçün yetər bir axşam küləyi. İncə. D u r s u n dayı, sənə dəli deyirlər. Amma mən həmişə sənin sözlərinə qulaq asıram, sən ürəkləri bilirsən. Dursun. Bu günlərdə göydən peyğəmbərlik kağızı gözləyirəm. İncə. D u r s u n dayı, sən hər şeyi bilirsən, mən yazığam, mənə kömək elə. Dursun. Halbuki ərin dövlətli, az qalıb Allahı qonaqlığa çağırsın. İncə. Neyləyirəm qızıl teşti ki, içinə qan qusuram. Ah, Dursun dayı, könlüm... Aydəmir yadındadırmı? Dursun. 2 il bundan əvvəl o gecə yadımda idi, sonra yox... İncə. D u r s u n dayı, Aslan sənin qardaşın oğludur. Amma bilirəm sən və... səndən qorxmuram... Dursun dayı... bu son gündə Aydəmirin heç olmasa anasını görmək istəyirəm. Ax, Dursun dayı, yazıq könlüm! Dursun. Yaxşı, yaxşı, ağlama, dur getdim, dayan gəldim. (Gedir.) Sevər. Ay məlun! İncə. Sevər, bacıcan! Sevər. Yaxşı-yaxşı, bilirəm nə deyəcəksən. Bu saat görün ki, necə göndərərəm. Getsin dərədə kişilərə desin belə Dursu nlar ki, qızlar da meydanı görsünlər. Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. Əlbəttə, yaxşıdır. Mən bu günlərdə şeytanla bicliyə şərik olmaq istəyirəm, amma Dursun dayı da başqa qiyamətdir. İncə. Sevər, sən anlayırsan ki, mən nə gündəyəm. Mənə belə gəlir ki, bu gecə cəhənnəmə gedirəm. Sən bilirsən ki, mən o yazığa söz verdim... Sevər. Bilirəm, bilirəm. Gəlirlər. Mən getdim. Sənin ürəyindəkini gözündən oxumuşdum. Ona görə qızları ötürdüm. Tez qurtar, mən qızları saxlaram. Gedir. Səlim qızı və Xaspolad gəlirlər, heç kəs bir söz demir. İncə. Gülsüm xala, mən bu gecə gedirəm. Səlimqızı. Get, qızım, Allah səni xoşbəxt eləsin! İncə. Heç olmasa son gündə səni görmək istəyirdim. (Sükut) Çünki dərdim çoxdur. Səlimqızı. Qızım, Allah səndən razı olsun, heç olmasa yaddan çıxarmadın. Get, Allah sənə yaman gün göstərməsin. Allah səni zəhərli dillərdən saxlasın. İncə. Gülsüm xala, ona deyərsən ki... ox, bəlkə mən bir daha heç bir vaxt onu görmədim. Anacan, ona deyərsən ki, mən bivəfalıq etmədim. (Ağlayır.) Səlimqızı. Eybi yoxdur, qızım, bunun üçün də sizdən çox razıyıq, ürəyinə heç bir şey gətirmə! Allah özü belə istəmiş, Allah özü istəyən yaxşıdır. İncə. Anacan, deyərsən ki, mən çox çalışdım. Tamam iki il atamla, anamla, bütün külfətimizlə vuruşdum. Ürəyimi açıq deyə bilmirdim. Deyirdim naxoşam. Ox, iki il çarpışdım, axır olmadı. Məni öldürmək istədilər. Döyüldüm, söyüldüm, axırda gördüm ki, evdə dolana bilmirəm, mümkün deyil. Ancaq deyərsən ki, mən ona bivəfalıq etmədim. Allah Aslanbə yin evini yıxsın! Səlimqızı. Eybi yoxdur, qızım, yazılan pozulmaz. Allah istəyən yaxşıdır. Get, Allah səni xoşbəxt eləsin! İncə. Yox, anacan, sən bilmə ki, mənim... yaylığım onda isə, özgə ilə... razı oldum... ki, rahat yaşayım... Yox... mən elə zəhərli diriliyi istəmirəm. Bax, ana, görürsənmi, mən bu gecə gedəcəyəm və bu gecə də özümü öldürəcəyəm, budur mənim son yolum... Səlimqızı. Yox, qızım, Allah eləməsin. İncə (sözünü kəsmədən davamla). Ancaq onu o bəlalara mən saldım. İki ildir getmişdir. Üç ildən sonra gələcək. Ox, anacan, mən beş il deyil, on il də, hətta, talesiz ömrümün sonuna qədər də gözlərdim. Fəqət... deyərsən ona ki, məni bağışlasın. Mənə halal etsin. Səlimqızı. Qızım, dəlilik eləmə! Ayın beş gün qaranlığı olanda, beş gün də işığı olar. Adamın başına çox şey gələr. Nə etmək, taleyimiz budur. İncə. Artıq gedin! Deyərsən ki, mən onun əvəzində son günümdə qardaşını öpürəm, o da gələndə həmin günahsız dodaqlardan öpsün. Xaspolad. Ana, mən bu saat gedib bir qəmə tapacağam, gedəcəyəm Aslan köpək oğlunun qarnını cıracağam. İncə. Anacan, gedin daha, sən də get, gülüm! Allah özü mənim divanımı elər. Allah haqdır. Ana... gələndə qəbrimi ona göstərərsən. Mən onu gözlərəm. Ancaq deyərsən ki, mən sözümdə durdum, mən ona bivəfalıq etmədim. Durna girir. Du rna. İncə! (Qucaqlaşıb öpüşürlər.) Gedirmisən? (Sükut) Ağlayırmısan? Eybi yoxdur. Dünyanın işləri belə gəlib, belə də gedəcəkdir. İncə. Gedirəm. (Ağlayır.) Dursu nla Daşdəmir əlində tüfəng hərəsi bir tərəfdən girirlər. Dursun. Səlim qızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. Bizim X o ruz günortadan banlayır. Du rna. Dursun dayı, bizim ürəyimizdən qara qanlar axır, amma sən yenə zarafatdan əl çəkmirsən. Daşdəmir. Ay ana, gəl evə, adamın yaxşı dostu olsun, bivəfa gedər qalmaz. İncə. D u r s u n dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar. Daşdəmir. Müqəssir deyilsən. Əlbəttə ki, deyilsən. Bu zamanda qardaş qardaşa etibar etmir, səndə nə taqsır? İncə. Yox, qardaş qardaşa xəyanət edər, amma mən ona etməzdim. Səlimqızı. Eybi yoxdur, qızım, ağlama, Allahın işidir. İncə. Ox, anacan, mən anlayıram ki, mənə gülürlər. Mən bu gülüşlərə layiq deyiləm. Mən köməksiz bir qız nə edə bilərəm. Yenə özü burada olsaydı... Daşdəmir. Sən nə vaxt kömək istədin ki, sənə kömək etmədilər? İncə. Daşdəmir, sən nə edə bilərdin. Sən bilirsən ki, o, əqrəbalı bir qurddur. Kimin ona gücü düşər? Daşdəmir. Yaxşı, bacım, mənim ki, sənə sözüm yoxdur. Get, Allah səni xoşbəxt eləsin! İncə. Gedəcəyəm, bəli, gedəcəyəm və üç saatdan sonra da sən görəcəksən ki, mən vəfasız deyiləm. Mən qızam, ancaq mənim sözüm birdir. Siz mənə kömək edə bilmədiniz, ancaq mən özüm-özümə kömək edərəm. Daşdəmir. Mənim üstümə taqsır yıxmaq istəməz. O, mənim üstümdə, mənim bacımın namusu üstündə Sibirə gedib, mən də öz canımı onun yolunda qoymaqdan çəkinmərəm, nə bacarıramsa da bu saat hazıram. Dursun. Əgər hər şeyə hazırsansa, bu saat qoy qaç! Daşdəmir. Neçin? Dursun. Gəlib sizi bir yerdə görərlər. İncə. Daşdəmir, mənə nə kömək edə bilərsən? Nə üçün mənim ürəyimi didirsən? Dursun. Mən olsaydım elərdim. Istəyirsiniz deyim necə. Ancaq bu şərt ilə ki, kimsə mənim sözümə baxmasın. Səlimqızı. Ay balam, Daşdəmir, gəl gedək. Aydəmirdən sonar bizə bircə sən baxırsan. Sonra gəlib görərlər... Dursun. Bilirsən nə var? Əgər mən Daşdəmir olsaydım, Aydəmir mənim bacımın üstündə atışıb Sibirə getsəydi, mən qoymazdım onun nişanlısını aparsınlar. İncə. D u r s u n dayı, o bir tək adam nə edə bilər? Onun sözünə kim baxacaqdır? Dursun. Sözünə heç kəs, ancaq mən söz danışmazdım. Daşdəmir. Bəs nə edərdin? Dursun. Bax, bu saat kişilər hamısı dərədə. Qızlar da odur hey, orada. Götür sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur. Birisinə də kəbin kəsdir ki, gəlib daha əlindən ala bilməsinlər, vəssalam! Daşdəmir. Mən hazıram, məni heç bir ölüm qorxuda bilməz. İncə. Fəqət... Mənim adım. Mənim atam. Mən... Daşdəmir. Adın, atan, hər bir şey burada məlum olar. Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. Burada olsaydı, nə edəcəkdin? Onda da atam deyəcəkdin? Dursun. Bir ildən sonra da deyərsiniz yalandan ki, bir uşağı oldu, öldü. Onda büsbütün inanarlar. Daşdəmir. D u r s u n dayı, fikrin mənim beynimə batdı. Ancaq nə çarə? Mən hazıram, İncə! Sən Aydəmiri istəyirsənsə, mən onun əvəzində hər bir şeyə hazıram. İncə. Hazırsan, bəli!.. Səlimqızı. Ay balam, özünü bəlaya salma, gəl bəri! Daşdəmir. Bala, bir gün varıq, bir gün yox. İncə. Mən hazıram, sözünü de. İncə dərin bir iztirabla düşünüb mütərəddid durur, bu halda qayanın arxasından həzin bir səslə oxuyurlar. Səs. Mən aşiqəm, ağlamazdım, Gülərdim, ağlamazdım; Bilsəydim vəfan budur, Sənə bel bağlamazdım... Balam, ağrını alım! Hər kəs sükut içində durub dinləyir, səs davam edir. Göyərçinəm, uçdum gəl! Dost bağına düşdüm, gəl! Yaxşı günün aşnası, Yaman günə düşdüm, gəl! Balam, ağrını alım! Daşdəmir. Adamın yaxşı günündə dostu çox olur, budur yaman günü, nə deyirsən, İncə?! İncə mütərəddid bir sükut içində durmuş düşünür. Səs davam edir. Dursun. Daha bir şey olmayırsa, gedək. Yavaş-yavaş xalq qayıdır. Səs. Ay qız, ay qız, ağam gəl! Ölməmişəm, sağam, gəl! Boynumda qəm zənciri, Yolunda dustağam, gəl! Balam, ağrını alım! İncə qətiyyətlə başını qaldırır. Daşdəmir. Nə oldu, getmirsənmi? İncə. Gedirəm, qoy dünya alt-üst olsun. Qoy məni öldürsünlər. Fəqət mən söz vermişəm, qaçıram. Daşdəmir. Mən hazıram! Səlimqızı. Ay balam, özünüzü xataya salmayın! Du rna. Allah kömək olar! Dursun. Gedəcəksinizsə, gecikmək olmaz. Sonra vaxt keçər. Daşdəmir (tüfənginin çaxmağını qaldıraraq). Gedək! İncə. Ana, Durna bacı bizə halal edin! Kim bilir nə olacaq! Səlimqızı. Ay bala, mən qorxuram... İncə. Ana, yazılan pozulmaz. Nə olacaq, olsun. Gedək, Daşdəmir! Daşdəmir. Gedək! (Əl-ələ verib səhnədən çıxırlar.) Du rna. Ay Allah, indi biz nə edəcəyik? Səlimqızı. Bunlar bizi öldürərlər. Dursun. Daha durmaq yeri deyil. Kişilər gəlir. Du rna. Ay Allah, biz hara gedək! Dursun. Evə getməyin. Gəlin, mən sizi daldalaram. Yubanmayın. Durnanın əlindən tutub dartır. Səlim qızı Xaspoladı bağrına basıb onları təqib edir. Yengə və Sevər girirlər. Yengə (baxınır). Ay balam, bu qız hanı? İncə, İncə! Bunlar nə oldu? Sevər. Mən nə bilim! Bulaq başında oturmuşdu ki, gedə bilmirəm. Mən də getdim ki, qızları çağırım. Yengə. Vaxsey, atanızın evi yıxılmasın, qızı apardılar. Sevər. Kim? Yengə. Odur hey! At çapır. Az qalıb meşəyə girsinlər. Yəqin Daşdəmirdir. (Bayıra atılır. Sevər də onu təqib edir. Yengənin səsi eşidilir.) Ay aman! Qızı apardılar! Ay aman, tez gəlin! Qatmaqarışıq səslər eşidilir. Aslanbəy və Əsədbəy çıxırlar. Əsədbəy. Mən demədim? Aslanbəy. Mənə hayıf vurdular? Eybi yoxdur! Mənim əlimdən qaça bilməz. Atları gətirin. Əzrail da olsalar, məndən qaça bilməzlər. Gəlin! Çıxırlar. Kişilər və gənclər də tüfənglərini dolduraraq ardınca yüyürürlər. Səhnə arxasından güllə səsləri eşidilməyə başlayır. Yengə. Allah boynunuzu sındırsın! Sevər. Ay qız, oturun yerə. O da atır. Hamısı sıxılıb yerə oturur. Pərdə * * * Yaylağa gedir SIĞORTA ŞURASININ OTAĞINDA Yan-yana beş miz düzülmüşdür. Dördüncü mizdə makinaçı qadındır. Qabağında çay ilə dolu və boş stəkanlar. Əhməd (əlində kağız girib “Odalar” havasında oxuyur). Neçə gündür işim düşüb düyünə. Məni doktor salıb yarım bu günə, Bu gün axır işim yetibdi sona, Məni şad et, şad eylə başın üçün. Bədənim çəkinir, vərəm didiyor, Gediyor varlığım, itib gediyor, Məni bu dərd axır həlak ediyor, Məni şad et, şad eylə başın üçün. Mənə çarə yazıldı yaylaqlar, Yaşıl otlar, çəmənlər, irmaqlar, O deyilsə yerim bu torpaqlar, Məni şad et, şad eylə başın üçün. Birinci. Nə istəyirsiniz? Əhməd. Yoldaş, on altıncı otaq buradır? Birinciyazıçı. Buradır. Əhməd. Allaha şükür, iki saatdır bütün otaqları axtarıram, axırı gəlib on altıncı otağı tapdım. Buyurunuz, bu kağızı həkim verdi. Mən vərəmli olduğum üçün gərək yaylaq komissiyasına gedəm. B iri nci yazıçı (kağıza baxaraq). Ora ver. (3-cü mizi göstərir). Ora. Əhməd (barmağı ilə göstərərək). Ora? (3-cü mizə doğru yollanaraq) Yoldaş, bir zəhmət çək, bu kağıza bax. Mən neçə ildir çalışıram, axırda bir-iki ildir vərəm xəstəliyinə tutulmuşam. Üçüncü yazıçı (kağıza baxmadan ikinci mizi göstərərək). Ora ver, ora. Əhməd (2-ci mizə verərək). Yoldaş, mən vərəmli olduğum üçün doktor baxdı. Dedi bir-iki ay da burada qalsan ölərsən. Bu da kağız. Gərək mütləq yaylağa gedəsən. İkinciyazıçı (4-cü mizi göstərərək). Ora ver, ora. Əhməd. Hara, ora? (4-cü mizə doğru gedərək) Yoldaş, bir zəhmət çək bunu düzəlt. Doktor demişdir iki ay şəhərdə qalsan, ölərsən. Mən indi ay yarımdır hələ bu kağızın dalınca avarayam. Daha əldən-dildən düşmüşəm. Hara gedirəm o bunun yanına göndərir, bu onun yanına. Birinciyazıçı. Ora ver, ora. (5-ci mizi göstərir) Əhməd. Hara, ora? (5-ci mizə doğru gedərək) Allahü əkbər, başım gic getdi. Axı mən naxoşam, yoldaş. Üç gündür o otaqdan bu otağa göndərirlər, bu otaqdan o otağa, o mizdən bu mizə, bu mizdən o mizə. Yoldaş, başına dönüm bir zəhmət çək, bu kağızı düzəlt, daha əldən düşdüm. Beşinciyazıçı (onu dinləmədən qalxaraq). Belə olmaz, canım, bu arvad səhərdən iki stəkan çay verib, çıxıb gedib, daha görünmür. Maşa, Maşa! (Deyə çıxır) Əhməd (əli uzanmış qalır). Ay başına dönüm, indi də deyəcəklər ki, vəqt qurtardı, get sabah gəl. (Durub gözləyir) Üçüncü. Mənim üçün də çay tapşır, əlüstü qapı ağzında çəkmələrimi sildirib gəlim. (Durub gedir) Əhməd. Başına dönüm, bir az zəhmət çək, bəlkə yenə “Ora ver” oldu. Sən də olmazsan... Gözüm qorxub. Bu yaylağa gedincən... Üçüncü. Yox, yox. Mənim yaylaq işilə əlaqəm yoxdur. (Gedir.) 5-ci gəlir. Çayçı çay gətirir. Əhməd kağızı 5-ciyə uzadaraq. Əhməd. Başına dönüm, bir bu kağızı düzəlt, daha gözləməkdən yoruldum. Beşinci (onu dinləmədən) Lida, qəndin var? (4-cüyə doğru gedir) Dördüncü. Şakalad var. Ala. Sən mənim qədrimi bilməzsən. Beşinci. Biləks. Sən mənə zəhər də versən, mən şad olaram. Əhməd (qorxaraq ona yanaşır). Yoldaş, bu kağız da... Beşinci. Yoldaş, mən məşğulam, mənə mane olmayınız. Min yol sizə deyilmişdir ki, içəri girməyiniz. Xalq oçeredə durub, siz də pəncərədən cavab alarsınız. Dördüncü. Axır ki, göz açmağa imkan verməyirlər. Qapıdan çıxarırsan, pəncərədən girirlər. Əhməd. Axı, yoldaş mənim işim pəncərəlik deyil. Pəncərədə bir həftə dayanmışam; axırda məlum olmuşdur ki, işim pəncərəlik deyildir. Beşinci. Nə istəyirsən? (Öz mizinə doğru gedir. Ə h m ə d də danışaraq onu təqib edir) Əhməd. Yoldaş, mən vərəmliyəm. Doktor dedi ki, iki ay şəhərdən yaylağa getməsəm... Lida 5-ci mizə yanaşaraq Əhmə din sözünü kəsir. Dördüncü. Siz kişilərin eşqi bir ildırım kimidir. Bir saniyə parlar, sonra həmişəlik məhv olub gedər. Əhməd. Başına dönüm, ay yarımdır başım hərlənir, xəstəyəm, gözlərim qaralır. Bu gün altı saatdır bu otaqları gəzirəm. İmdi də deyəcəksiniz vəqt keçdi, get sabah gəl. Beşinci. Nə istəyirsən? Əhməd. Atam, mən deyənə də qulaq asınız da. (Kağızı uzadaraq) Mən vərəmliyəm. Gərək yaylağa... (5-ci kağıza baxmadan sözünü kəsərək) Beşinci. Ora ver, ora. (2-ci mizi göstərir) Əhməd. Baş üstə, ağa dedi sür dərəyə, sür dərəyə. (2-ci mizə) Beşinci. Dedilər sənə ora ver, ora ver. Artıq söz lazım deyil. Əhməd. Yoldaş, bu kağıza... İkinci. Ora ver, o mizə. (3-cünü göstərərək) Əhməd. Orada adam yoxdur ki... İkinci. Yoldaş, qaçaqaçlıq deyil ki, yoxdur, dayan gözlə, gələr də. Əhməd. Axı yoldaş, mən naxoşam, dayana bilmirəm. (Gedib 3-cü mizin yanında durur). Gözəl, dolu sarışın bir qız girərək 2-ci mizə müraciətlə. Qı z. Yaylaq komisyonu işləri üçün burayamı müraciət etməliyik? İkinci. Əvət, əvət, X a n ı m. Buyurunuz, oturunuz. Harada çalışırsınız? İstəməz, istəməz. Burada yazılmışdır. Deməli, siz Borjoma göndərilmişsiniz. Qı z. Vur-tut bir ay göndərdilər. Dünən gəlmişəm. Yenə şəhər istidir. İstəyirəm bir qədər Mərdəkana gedim. Sentyabrı orada keçirim. İkinci. Hə, çox gözəl olar. Bəs külfətiniz haradadır? Qı z. Olar da Mərdəkanda bağ tutmuşlardır. Ancaq mən onların yanında qalmaq istəməyirəm, darıxıram. İkinci. Deməli, siz şənlik sevirsiniz? Qı z. Belə bir az. İkinci. Pəki, siz durunuz. Mən bu saat imza etdirib gətirim. Yox, gecikərsiniz. Vəqtə ancaq səkkiz dəqiqə qalmışdır. Əhməd (onun ardınca qaçaraq qorxaq bir vəziyyətlə). Yoldaş, biz də yaylaqçıyıq. Başına dönüm, mənim də kağızımı... İkinci (Ə h m ə di dinləmədən qıza). İki dəqiqə gözləyiniz, bu saat. (Gedir) Qız (Əhmə di görüncə). Axmed, bəs səni haraya göndərmişlər? Əhməd. Məni evimizə. Heç bir yerə. Hələ heç kağızımı düzəldə bilməmişəm. (Üçüncü gəlir. Əhməd qaçıb kağızı ona uzadaraq) Başına dönüm, səhərdən sizi gözləyirəm. Dedilər bu kağıza gərək siz baxasınız. Üçüncü (1-cini göstərir). Oraya veriniz. (Qızı görüncə) Aha, siz qayıdıb gəlmişsiniz? Qı z. Qayıtmışam. Ancaq imdi də Mərdəkana getmək istəyirəm. Əhməd. Yoldaş, vallah bu qız bizim idarədə olur. Mən düz bir ay yarım ondan əvvəl kağız almışam. İmdi o gedib də, gəlib də. Yenə təzədən gedir. Mən hələ kağızlarımı düzəldə bilməmişəm. Özüm də bərk naxoşam. Qı z. Doğrudan da, o yazıq bir ay yarım məndən əvvəl kağız almışdır. Üçüncü. Yaxşı da (1-cini göstərir), ver ora yazsınlar. (Qıza) Pəki, Borjomda necə keçindiniz? Qı z. Sağ olunuz. Əhməd (1-ciyə). Başına dönüm, yenə sənin yanına göndərdilər. Birinci. Hə, nə istəyirsən? Əhməd. Belə, həkim deyib, iki ay şəhərdə qalsam, ölərəm. Gərək yaylağa gedəm. Birinci (kağızı əlinə almadan baxaraq). On səkkizinci otağa. Əhməd. Başına dönüm, mən üç gündür 18-ci otağı axtarıram, tapılmayır. Birinci. Otaqları mən tapıb sənə verməyəcəm. Soruş, gör haradadır. Gərək ki, üçüncü mərtəbədədir. Yuxarıda. Əhməd. Lənət sənə kor şeytan! (Deyə çıxır) Dördüncü. Yaxşı, getməyirsən? Axşam bulvarda görüşəriz, gərək ki, vəqt qurtarmamışdır. Beşinci. Bilirəm yenə gəlməyəcəksiniz... Dayanınız, hələ bir söz də deyəcəyəm. Əhməd (girərək). Yoldaş, deyirlər bu idarədə axırıncı otaq on yeddincidir. Heç bu idarədə 18-ci otaq dibindən yoxdur. Birinci. Yaxşı, ver on birinci otağa. Əhməd. Yoldaş, on birinci otaqda dünən dedilər on altıncı otağa. Birinci. Sənə dedilər on birinci otağa. (3-cüyə) Çəkmələri neçiyə sildirdin? Üçüncü. Çox baha. Birinci. İmdi daha yaxşı maz yoxdur. Kömürü isladıb sürtürlər. Əhməd (girərək). Yoldaş, on birinci otaq boşdur, deyirlər köçübdür. Birinci. Daha mən nə edim? Əhməd. Başına dönüm, axı hayana köçüb? Bəlkə siz bilərsiniz? Birinci. Bayırda soruş öyrən. Mən küçələri ölçməyəcəyəm ki, Gərək ki, Naberejniyə köçübdür. Əhməd. Ay qardaşım, axı mən bu uzun küçədə onu haradan tapacağam. (Deyə çıxır) Dördüncü. Yox, daha söz verdim, gələrəm. Beşinci. Bax, Lida, bu gün gəlməsən, özün bil. Qiz (üçüncüyə). Doğrudan da, mən istəyirəm elə olsun ki qardaşımı da yazsınlar. O da mənimlə bir yerdə getsin. Üçüncü. Qulluqdadır? Qız. Qulluqdadır. Ancaq o da bir ayını gedib-qayıtmışdır. Üçüncü. Bu gün axşam ərzi-hallara baxılacaqdır. Tez zayavleniye yazdır ki, bu gün ona da baxılsın. Yoxsa bu da qalar bir həftədən sonraya. Qız. Nə yazım? Üçüncü. Alınız bu kağız, bu çernil, bu da qələm. Buyurunuz, oturunuz. Ikinci (girərək, qıza). Sizin kağızınız hazırdır. Sabah on beş günlük gedə bilərsiniz. Qız. Bəs kontrol komisyonuna getmək?.. ikinci. Daha istəməz. Bir ay yarım bundan əvvəl buraxılmışdı. Hələ onunla düzəltdi. Əhməd (girərək). Yoldaş, bağışlayınız, səkkizinci otaq hansı tərəfdədir? On birinci otaqdan dedilər səkkizinci otağa get. Üçüncü. Bura spravoçni deyil ki, 8-ci otaq 5-ci mərtəbədə. Əhməd. Mən üçüncü mərtəbəyə çıxmışdım. Dedilər 1-ci mərtəbədədir. Vallah, gözlərim qaranlıq gətirir. (Deyə çıxır) Qız. Yaxşı, bunun cavabı nə vəqt olacaqdır? Üçüncü. Bu gün axşam. Getsin həkimə, kağız alsın ki, yanımıza göndərilir. Sabah o kağızı da gətirərsiniz, cavabı da hazır olar. Əhməd. Yoldaş, bağışlayınız on dördüncü otaq buradır? ikinci. Dedilər sənə ki, bura on altıncı oradadır. Əhməd. Beşinci mərtəbədən yenə göndərdilər ki, birinci mərtəbəyə ki, on dördüncü otaqdadır. İkinci. On dördüncü otaq dördüncü mərtəbədədir. Fərqi yoxdur, artıq vəqt keçib, baxmazlar. Sabah gəl. Əhməd. Ay balam, ay müsəlmanlar, ay cuhudlar, ay ermənilər, ay uruslar, ay moltanılar, mən öldüm ki. Bu qədər də tuda-suda olar? (Çıxır) Qı z. Yaxşı da, siz qalırsınız, mən hələlik. Üçüncü. Yox, yox. Artıq biz də gediriz. Dördüncü. Gedək, söhbəti yolda bitirəriz. Beş in ci. Yaxşı, gedək. (Hazırlaşırlar, bayıra çıxarkən Əhməd girir) Əhməd. Yoldaş, dedilər ki, on altıncı otağa getmək lazımdır. İkinci. Yaxşı, artıq vəqt keçmişdir. Sabah tezdən gəl, görək nə olmuşdur. Əhməd. Ay başına dönüm, dedilər bu gün məsələyə baxılacaq. Sonra bir həftə yatar. Axı mən naxoşam. Ay yarımdır əldən, dildən düşmüşəm. İkinci. Fərqi yoxdur. Artıq vəqt keçmiş, hamı çıxıb getmişdir. Sabahdan gündə gəl. Əhməd. Ay canım, belə də iş olar?! (Hamısı çıxırlar) Xəlq bir dəfə gedib, bir də gedir. Yenə gedəcək. (Süpürgəçi qadın girir) Mən hələ bir kağızı düzəldə bilməyirəm. Süpürgəçi. Hamı gedib sən burada nə gəzirsən? Əhməd. Ay başına dönüm, mənim dərdimə bir çarə eləyin. Vərəmliyəm, həkim deyir iki aya ölərsən. Mən hələ ay yarımdır zafkomdan doktora, doktordan rayona, rayondan damkoma, damkomdan zafkoma, imdi iki həftədir ki, oradan iş çıxıb, surxavoya. Burada da o mizdən bu mizə, bu mizdən o mizə; bu otaqdan o otağa, o otaqdan bu otağa. Birinci otaq, on altıncı otaq, on beşinci otaq, yeddinci otaq, o miz, bu miz, bu gün, sabah. Bir baxan yoxdur. Deyirlər on səkkizinci otağa. İki gün axtarmışam. Axırda məlum olub ki, heç bu idarədə on səkkizinci otaq dibindən olmayıb. Süpürgəçi. Daha vəqt keçib. Eybi yoxdur. Sabah gəl, düzəldərik səninçün. (Deyə süpürməyə başlayır) Əhməd. On beş-on altı, ora-bura, bu gün-sabah. Lənət sənə kor şeytan! (Deyə çıxır) Konferansye. Sığorta kassasında olan bəzi belə xidmətçilərə, doğrudan da Allah əcr versin. Çox zəhmət çəkirlər. Və belə ki, bunlar tutublar, inşallah Əhmədin axırı bir yerə çıxar. Ya zəlzələdən, ya vəlvələdən. Kişi getdi, biz də dalınca gedək. Görək tibbi kontrol komisyonunda nə elədi? Tibbi kontrol komisyonu Doktorlardanbiri (Birinci xəstəyə). Nəyin ağrıyır? Birincixəstə. Doktor mənim ürəyim bulanır. Dizlərim kəsilir, gözlərim qaralır. Bir yerim ağrımayır. Ancaq beş dəqiqə ayaq üstə gəzsəm, o saat başım gicəlir, yıxılıram. Doktor (baxdıqdan sonra). Sən səlamətsən Get, hələ işlə sonar baxarız. Birinciişçi. Doktor, ayaq üstə dura bilmirəm. Doktor. Bir-iki gün işlə, sonra baxarız. O biri kimdir? (Kağıza baxır) Həsən Qurban oğlu. Haran ağrıyır? İkincixəstə. Doktor, ayağıma dəmir düşüb, tərpədə bilmirəm. Doktor (baxdıqdan sonra). Eybi yoxdur. Bir az işlətmə iç, get işivün dalınca. Sonradan baxarız. O biri kimdir? İkincixəstə. Doktor, necə iki gün işlə? Ayağımı tərpədə bilmirəm. Gələndə də hammalın dalında gəlmişəm. Doktor. Zərəri yoxdur, işə də bir-iki gün hammal ilə get. Sonra baxarız. O biri kimdir? Rəhim Kazım oğlu. Haran ağrıyır? Üçüncü xəstə (olduqca zəif, sarıbənizli, ölümcül bir xəstə). Doktor hər yerim ağrıyır. Ürəyim, başım, bədənim. Gecə-gündüz qızdırma içində yanıram. Helə-belə işə gedirdim. On gündür ki, əlimə də şalman düşübdür, yaralanmışam. Doktor (baxdıqdan sonra). Aha, aha, sənin əlin zarajeniye olub, ho çəkib. Gərək müalicə olunsun, yoxsa əlin kəsilər. Get müalicəyə. Üçüncüxəstə. Bəs gərək mən işə kağız aparım. Doktor. Hə, gərək sən işdən azad ediləsən. (Katibə) Bu xəstə üçün yaz, işdən azad etsinlər. Katib. Nə qədər, neçə gün? Doktor. Nə qədər. E... e... yaz on səkkiz dəqiqə işdən azad edilməlidir. Katib. Nə vəqtdən? Doktor. On səkkiz dəqiqə, sabah naharda, o biri kimdir? Haran ağrıyır? Dördüncüxəstə. Doktor, əlim. Doktor. Dur baxım. (Əlini burunca xəstə bağırır). Dördüncüxəstə. Vay, vay, vay öldüm, dəymə vay, dəymə. Doktor. Aha, sənin işin çox ağırdır. (Katibə) Bunu işdən azad etsinlər. Dördüncü xəstə (yoldaşına). Düzəldi. Əlüstü kağızı alım. Bir həftə yazsa, Qasımgilin işini tamam-kamal qurtarıb təhvil verərəm. Doktor. Əlini qoy bir də baxım. (Baxmaq istədikdə) Beşincixəstə. Adə qoyma əl vursun, qışqır, bərkdən qışqır. (Xəstə bağırır) Doktor (katibə). Yaxşı, yaz ki, bu xəstəni işdən azad etsinlər. Ka tib. Yazdım, ancaq nə qədər? Doktor. Qolunu heç yerindən tərpədə bilməyir. Yaz bir ay. Dördüncü xəstə. İşlər düzəldi. Bir ay başqa yerdə işləyib, işdə də məvacib alacağam. Doktor. Al, bir ay işdən azadsan. (Kağızı vermək istədikdə yerə buraxır. Dördüncü xəstə sevincdən əlini uzadıb kağızı qapır. Doktor kağızı əlindən alaraq katibə) Ala, bu kağızın vəqtini düzəlt. Katib. Nə qədər yazım? Doktor. Yaz, sabah işdən çıxandan sonra on altı saat azaddır. O biri kimdir? (Şişman, sağlam bir nəfər girir) Haran ağrıyır? Beşincixəstə. Doktor bədənim zəifdir. Qanım azdır. İşləyə bilməyirəm. (Doktor baxır) Doktor. Yaz, yoldaş iki ay işə gedə bilməz. Yayda gələrsiniz. Gərək siz Kislovodskə gedəsiniz. O biri kimdir? (Təkrar ölümcül bir xəstə girir) Haran ağrıyır? Altıncıxəstə. Doktor, taqətsizəm, qızdırmadan göz aça bilmirəm. Doktor. Yaz, bu da dörd saat işdən buraxılmalıdır. Əhməd bir əlində əsa, o biri əlilə də bir başqasından yapışmış olduğu halda, sürünərək girir. “Cəlali-xaliq” havasında oxuyur. Əhməd. Vərəm məni saldı əldən, Sarsıldı vücudum təməldən, Qurtarmıram gethagəldən – hələ Dərdimə dərman olunmaz. Zafkoma getdim yubatdı, Doktor işi çox uzatdı, Bilmirəm bu necə zatdı – hələ Dərdimə dərman olunmaz. Aprel keçdi, may da keçdi, Gün dolandı, ay da keçdi, Yaz qurtardı, yay da keçdi – hələ Dərdimə dərman olunmaz. Payız keçdi, dağ-divardan, Qış gəldi, yer dondu qardan, İmdi qış da keçdi yarıdan – hələ Dərdimə dərman olunmaz. Rayon işim ləngə saldı, Surxavayda üç ay qaldı, Yaylaq da çoxdan boşaldı – hələ Dərdimə dərman olunmaz. Doktor. Oçereddə adam çoxdurmu? Daha kimsə qəbul edilməyəcəkdir. (Əhmədə) Haran ağrıyır? Əhməd. Həkimbaşı, vərəmliyəm. Doktor mənə yazmışdır ki, iki aydan artıq Bakıda qalsam ölərəm, gərək yaylağa gedəm. Doktor. Çox gözəl, kağızın var? Əhməd. Bəli, var. (Verir) Doktor. Bu kağız yaramaz. Çünki vəqtindən altı ay keçmişdir. Əhməd. Doktor, kağızı aldım, orada bir neçə vəqt, surxavay dəftərxanasında bir neçə ay, rayonda bir-iki ay, damkom, yenə zafkom... Xülasə, keçən yazdan başlayan, imdi qış yarıdan keçib, ancaq gəlib buraya çıxmışam. Katib. Daha, Bakı bütün yaylaqlardan yaxşıdır ki, qışın yarısında nə yaylaq?! Xəlq üç aydır qayıdıb gəlmişdir. Əhməd. Bilməyirəm, döşümdən qan açılmışdır. Baxınız, necə lazımsa, o cür eləyim. Doktor (katibə). Artıq xəstəlik öz işini görmüşdür. Yenə getsin, görək nə olar. (Əhmə də) Çox gözəl, sənin yaylağa getməyin lazımdır. Ancaq apar bu kağızı təzələ, doktordan başqasını al, zafkom da qol çəksin gətir. Yoxsa bu kağızın vəqti keçibdir. Əhməd. Ay doktor, axı mən tərpənə bilməyirəm. Onu da qonşunun köməyi ilə gəlmişəm. Əhməd in qonşusu. Doktor, bu yazıq yeddi aydır bu qapılarda can çəkişir. Nəhayət, buna bir çarə ediləcəkmi? Siz ki, görürsünüz naxoşdur, işi bitmişdir. Daha nə vəqti keçibdir, nə təzə kağız? Doktor. Çox da mən görürəm. Yoldaş, hiddət lazım deyildir. Müəyyən bir qayda, bir qanun vardır. Qayda-qanunsuz iş olmaz. Əhməd. Doktor, başına dönüm, mənim nəfəsim gəlməyir. Doktor. Olmaz, olmaz. Kağızı təzələ, sabah da zavoda gəl, qurtarsın getsin. (Bu halda bir nəfər içəri soxulur.) Yeddincixəstə. Doktor, mənə deyirlər gərək mən yaylağa gedəm. Çünki çox zəifəm. Doktor. Kağızın var? Yeddincixəstə. Var, var. Doktor (alıb baxır). Çox gözəl. Hər şey yerindədir. Yaz bu yoldaşı yaylaq komisyonuna. İmdidən gələn yay üçün yer tutsun. (Əhmə də) Bax, sən gərək bu kağızdan alasan. Tez get al, sonra gəl. Əhməd. Doktor, qurban olum sənə, vallah gözüm qorxub. Məni öldür, bir də geri qaytarma. Doktor. Yoldaş, olmaz axı. Mən qanunsuz iş görə bilmərəm. Hər şeyin bir qanunu, qaydası vardır. Sabah təftiş gəldi nə deyəcəm. Get yazdır, sonra gələrsən. Əhməd. Get yazdır gəl, pozdur get. Lənət sənə kor şeytan. (Deyə çıxır) Yaylaq komisyonunda Əhməd pək zəif, kürk geyinmiş olaraq dayanmışdır. Kom is yon sədri. Zavallının vərəm ciyərlərini dağıtmışdır. Səkkiz aydır onu bu gün-sabah salmışlardır. Böylə də iş olurmu? (Əhmə də) Neçin sən orada etiraz etmədin? Əhməd. Qurbanın olum, nəfəsim gəlməyir. (Öskürür) Danışmayıram, kimə deyəydim. Hər kimə deyirdim, deyirdi mənim işim deyil, o biridir. Axırda da deyirdilər, get sabah gəl. Gələn həftə gəl, hamı sənin kimi deyil ki, başına dönüm. Sədr. Sən gərək səkkiz ay bundan əvvəl yaylağa gedəydin. Bu lap ağdır. Mən sabah bu məsələni yığıncaqda qaldıraram. Al, sən apar, de bu kağıza möhür vursunlar, gəl işini düzəldək. Əhməd. Harada möhür vursunlar, başına dönüm? Sədr. Sığorta Şurasında. Çünki kağızı yazıblar, amma möhür vurmayıblar. Əhməd. Qurban olum sənə, yəni mən yenə ora gedim? Sədr. Ora, ora. Çünki kağız yaxşı yazılmamışdır. Əhməd. Yenə yaxşı yazılmamışdır? Sədr. Bəli, bəli, yaxşı yazılmamışdır, yaxşı yazılmamışdır! Əhməd. Mən daha ayağımı kandarda qoymayacağam. Veriniz, atam, kağızımı. Ürəyim döyünür, nəfəsim də darıxır. Qoy gedim evimdə rahatca ölüm. Mənim daha bir də oraya getməyə taqətim qalmamışdır. Sədr. Yoldaş, axı qanunsuz iş görmək olmaz. Mən də görürəm sən xəstəsən, gərək tez gedəsən. Axı bir qanun-qayda da vardır. Həmkarlar nümayəndəsi. Canım, sən özün süründürəndən şikayət edirsən, özün də kişini süründürməyə salırsan. Haraya göndərirsən onu? Görməyirsən ki, kişi tərpənə bilməyir? Sədr. Di yaxşı, onda get dur bayırda. Mən kağızı yazdırım. Əhməd. A yoldaş, bir ay doktor, üç ay zafkom, dörd ay surxavay, iki ay banlerol qəmisiyəsi, bir aydır da buraya gəlib-gedirəm. Nümayəndə. Yaxşı, yoldaş, daha bigüman, yazılar, arxayın ol. Sədr. Yaxşı, sən bir az bayırda gözlə, yazsın. Oçeredin çatanda çağırarlar, gəlib kağızını alarsan. Sonra gedib pulunu alarsan gedərsən. Əhməd. Pulu haradan alacağam? Sədr. Sığorta kassasından. Buradan kağızı alarsan, gedərsən sayozgizə, oradan kağız alıb gedərsən sığorta şurasına, orada da təsdiq edərlər, gedərsən kassaya, oradan da kağızlarını yazıb yola salarlar. Əhməd. Vay dədəm, vay. Yenə zafkom, kassa. Yenə on beş ay get-gəl. Vay dədəm, vay. (Bayıra çıxır) Sədr. Bu adam mühəqqəq gərək Yaltaya getsin. Onsuz da vəqti keçib, orada bəlkə bir şey oldu. Katib. Qurban Səməd oğlu. (Xəstə girir) Al, bu kağızınız, gediniz sayuza, oradan da sığorta şurasına. (Xəstə çıxır) Sədr. Bu nə oldu? Növbədəduranlardan biri. Hələ buradan çıxdı. Gəldi durdu növbədə, başladı öz-özünə danışmağa; təzədən soyuz, zafkom, damkom, həkim, rayon, kassa, surxavay... Vay dədəm vay – deyə birdən yıxıldı öldü. Sədr. Yəni lap öldü? Növbətçi. Öldü də, görmürsən ki, öldü?! Nümayəndə. İmdi bu haraya aparılacaqdır? Sədr. Yox, yox, aparmaq olmaz. Gərək bəratəl-qövl yazılsın. Yoxsa qoymazlar basdırmağa. Növbətçi. Kişi daha öldü, qurtardı. Necə qoymazlar basdırmağa? Yəni ölüsünü də dəftərdən-dəftərə, mizdən-mizə salmaq lazımdır? Sədr. Yoldaş, müəyyən bir qayda vardır. Qaydanı pozmaq olmaz. Bəratəlqövlsüz yaramaz. Növbətçi. O da yaxşı sözdür. Yoxsa basdırmaq üçün surxavaydan pul verməzlər. Onda siz yazınız, biz də gedib evlərinə xəbər verək, gəlib aparsınlar. Sədr. Əlbəttə, əlbəttə. Bəratəl-qövlsüz, şəhadətnaməsiz sığortadan pul verməzlər. Növbətçi. Yəni iş ki, sığortaya düşdü, bu gün-sabah qiyamətin özünədək basdırılmamış qalacaqdır. Nümayəndə. Canım, daha yazığın ölüsünü təzədən bu günsabaha salmayınız. Tez yazınız, buradan göndəriniz kassadan alıb gətirsinlər. Növbətçi. Yazıq öldü. Allah rəhmət eləsin. Pərdə Konferansye. Əhmədin yola düşmək vəqti yaxınlaşırdı. Doğrudur, çox zəhmət çəkdi, eybi yoxdur. Gedib lazımi yerində dincələr, hamısının ağrısı canından çıxar. Lap elə yaxşı deyiblər ki, o olmasın, bu olsun. Yaylaq olmasın, qəbiristanlıq olsun. Hər ikisində adam dincəlir. Bu yazıq əlləşdi, bir iş görə bilmədi. Amma elələri də olur ki, güc ilə yaylağa göndərmək istəyirlər, amma xəstə getmək istəmir. Siz ola bilər ki, buna inanmayırsınız. Odur ki, mən istəyirəm ki, siz öz gözlərinizlə görəsiniz. * * * 2000 pərdə Əhvalat vaqe olur Bakıda, “Kommunist” qəzeti idarəsində. Səhər alaqaranlıqda. Pərdə açılınca səhnədə kimsə görünmür. Tərcüməçilər otağının açıq pəncərəsindən qatışıq bir taqım gurultular eşidilməkdədir. Səhnəarxasındansəslər. Yaxşı alma! Yaxşı alma! Yablok X o roşi! Taza kök, isti qutab! Ay uşaq, milis gəlir! Isti noxud! Adə, milis gəldi... (Bu qarışıq gurultular oyunun sonunadək mütəmadi davam edir). Bu aralıq geniş kürəkli bir tatar arvadı şotka və xəkəndaz ilə içəri girir və ağzında mızıldanaraq, otaqları süpürməyə başlayır. Ardınca çiynində süd vedrələri asılı olmaq üzrə bir rus qadını girir. Südçüqadın. Tovariş Aqakişiyev zdes? Şəmsülnisa. Yoxdur, yoxdur... Neto! Südçüqadın. Seqodnya u vas poluçka? Şəmsülnisa. Neto, neto... Bu aralıq NemətBəsir bir ayağının çəkmə corabı əlində olaraq və cilitkəsinin düymələrini keçirərək, içəri girir. Açıq qapıdan görünən ikinci otağa girib geyinməyə başlayır. İçəri otaqdan dəhşətli bir gurultu qopur. Əhməd. Çortovoy materi... Bərbad ediblər. Ali! Məmmədəli! Əhməd Bədi yataqdan sərasimə qalxmış bir vəziyyətdə bir ayağında nəleyin, o biri ayağı yalın və əynində təkcə bir köynək, əlində bir qəzet (Fransın əlində şamdan olaraq çıxdığı kimi) bir həyəcanla qapıları çırparaq və öz-özünə söykənərək, içəri girir. Əhməd. Çortovoy materi! (Nəhayət, Neməti görüncə acıqlı bir səslə) Nerdə bu adamlar? Nemət Bəsir (ölgün bir sakitliklə). Bilmirəm. Gəlməyiblər. Əhməd. Bərbad etmişlər. Xalturşiki. Ali! Azim! Məmmədəli! Çortovoy materi! (deyə söylənərək, o biri otağa girirkən bir nəfər rus qadını onunla qarşılaşır.) Rusqadını. Tovariş, qde vaş sekretar qazetı? Əhməd. A şto? Qad ın. Sekretar, sekretar! Əhməd. Ya! Nu?.. Qad ın. A tovariş Aqakişiyev? Slovom, seqodnya u vas poluçka budet!.. Əhməd. Ne znayu, nu!.. (O biri otağa keçir və mütəmadiyən səsi eşidilir.) Ali! Məmmədəli! Yəqub! Akif! Fatma! Azim! Çortovoy materi! Bərbad ediblər. Tamara Dmitriyevna qoltuğunda bir yığın qəzet içəri girir və tez soyunub peçə doğru qaçır. Tamara Dmitriyevna. Opyat ne qorit! Pryamo bezobraziye (Pudramudrasını çıxarıb boyanmağa başlayır.) A k if (əlində bir stəkan çay və yarım çörək olaraq içəri girir; otaqları gəzdikdən sonra Nemətə yanaşır). Heç kəs gəlməyib (deyə keçir və otaqları gəzib kimsəni görmədiyindən Nemətin yanına qayıdır.) Xəbərin yoxdur ki? Axşam burada qiyamətdi! Nemət (soyuq bir maraqla). Yox. Nolubdur? Akif. Gecə bir qiyamətdi ki, səkimizin üstündən iki piyan urus keçirdi. Hələ qapımıza çatanda birdən biri valayladı, qapımıza toxundu. Az qalmışdı yıxılsın. Sonra gördü mən baxıram, düz getdi. Əzim kamali-səliqə ilə içəri girib, şeylərini qoyur və əlləri cibində otaqları gəzməyə başlayır və Nemət Bəsirə yanaşaraq. Ə z im. Nemət! Spişkə varındır, bir-iki dənə ver. Köpək oğludur yalan deyən, göndərmişəm, hindi gətirərlər, verərəm sənə. Ak i f. Əzim! Yallah, yallah! Xəbərin yoxdur ki? Axşam qiyamətdi. Küçədə iki piyan urus keçirdi. Biri vayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi. Ə z im. Yağın o nisyə içib... Görəsən bu gün pul verəcəklər? Pryamo bezobraziye. Şopenğauer yaxşı deyir ki, adamın pulu olmayanda iştahası da olmur. Səhər-səhər çay içməmiş gəlmişəm. O arvad hanı? Şəmsülnisa! (Çağırır.) Ak i f. Ay Əzim! Bu Şopenğauer hansı kitabda deyir? Ə z im. Köpək oğludur yalan deyən. Get oxu da. Nəyə gülürsən? Hi... hi... sən malçişkasan, yumurtadan dünən çıxmışsan. Cavadlı içəri girib oturur. Akif onun yanına qaçır. Ak i f. Oho! Yallah, yallah! Xəbərin yoxdur ki? Qiyamətdir. Əzim deyirdi Şopen... nə bilim nəmənə, nəmənə. Deyir ki, adam acıyanda iştahası olmur. Dedim ay Əzim, bu harada yazılıb? Cinləndi. Qiyamətdir. Hə, xəbərin yoxdur ki? Axşam iki piyan urus keçirdi... Nemət. Cavadlı, materialı gətirdin? Ca vadlı. Yox, hələ bundan sonra tərcümə edəcəyəm. Abdulla Şərifov içəri girir və Cavadlıya yanaşaraq. Şərifov. Ha. Cavadlı, şübhəsiz gəlmişsiniz. Bu balaca bir materialdır. Şübhəsiz, iqtibas təriqilə bir neçə sətir çıxararsınız, ha... Ca vadlı. Ay Abdulla əfəndi, burada səkkiz yüz sətir materialdır; balaca harasıdır? Şərifov. Ha. Şübhəsiz, iqtibas təriqilə... Ə z im. Bu gecə kim idi? Ştrezemanın altında yazıb çinli qadın, çinli qadının şəklinin altında Ştrezeman. Qəzet əlində o biri otağa gedir, o biri qapıdan Məmmədəli əlləri pencəyinin cibində içəri girir. Məmmədəli. Qeyd nömrəsi burdadır. A k if (qaça-qaça gəlir). Adə, vaxsey, vaxsey... Xəbəriniz yoxdur ki? Qəzetin atasını yandırıblar. Kişi altına arvad qoyublar, arvad altına kişi! Kişi şəklinin altına arvad adı, arvad adı altına kişi adı çıxıb. Vaxsey, vaxsey! Hindi Əhməd qiyamət qoparacaq!... Məmmədəli. Hanı o qəzet? Yəqin genə sterotipçi kefli imiş, şəkilləri qatışdırıbdır. Bu vaxtadək gələn adamların hamısı otağın bir qapısından girib o biri qapısından çıxırlar. Çadralı bir qadın içəri girir. Qad ın. Ay qərdəş, burda kimə şikayət eləyirlər? Ca vadlı. Nə şikayət? Qad ın. Mənim kişim gedib bir başqa arvad alıb. Indi... Ca vadlı. Yaxşı, o biri otağa gediniz. Əməkçi şöbəsinə. Gəliniz göstərim... Durub qadının qabağına düşür. O biri qapıdan iki kəndli girir, Əzimə təsadüf edir. Kəndli. Burada qazut harada yazırlar? Ə z im. Nə qəzet? Kəndli. Bizim kənddə yerimiz var. Bax, belənçik. Meşənin... söz gəlişi, sağ böyründən... Məsələn, bu yerdir... bu da... bir nəfər Hacı Xudabaxış vardır, özü də keçmişdə kəndxuda olubdur... Ə z im. Bilirsiniz, siz Şuralar Azərbaycanına gediniz. Kəndli. Hara gedək? Biz qazut yazdırmaq istəyirik. Əzim. Yaxşı da, o biri otağa gediniz də. Gəliniz buraya... Kəndli. Allah atana rəhmət eləsin. Əsəd və Cəfər vuruşaraq girirlər. Əsəd. Mən orasını yaxşı bilirəm ki, Bethoven heç dibindən kompozitor deyil. Cəfər. Mən də orasını yaxşı bilirəm ki, sən özün heç dibindən yoxsan. Əsəd. Tarsız olmaz! Cəfər. Olar! Əsəd. Deyirəm sənə olmaz! Cəfər. Deyirəm sənə olar! Məmmədəli. Adə, nə vurhavurdur genə? (İçəri girir.) Deyir bəs Qlier kontrabasda çargah oxuyur, hə? Niyə, yaman olmaz! A k if (qaçaraq). Xəbəriniz yoxdur ki, bir arvadın əri gedib bir də arvad alıbdır... Yazı (başını qapıdan çıxarır). Tahirov, telefon! Cəfər (oxuyur). Bir də bəlaya salma məni, çox bəlaliyəm! Məmmədəli. Konsert başlandı ha? Bu, Qlier çargahıdır oxuyursan ha? Necə deyir onu? M ir heydər. Cəfər, telefona! (İçəri girərək) Telefona! Ak i f. Məmmədəli, arvad telefona çağırır. M ir heydər. Əsəd, telefona! Cəfər (qayıdaraq). Bir də bəlayə salma məni, çox bəlaliyəm. Çoxdandır aşiqəm sənə, amma həyaliyəm. Ya z ı. Cəfər telefona! Ca vadlı. Görəsən bu gün sətir hesablarımızı verəcəklər? Ə z im. Köpək oğludur yalan deyən, heç spişka almağa pulum yoxdur. Məmmədəli. Düzəldərik sizin üçün. Birnəfərşəkili. Əbdülrəhim Ağakişiyev gəlitdi? Ca vadlı. Əbdülrəhim yoxdur. Məzuniyyətə gedibdir. Şəkili. Ha bi belə də iş olumu? Üç aydı borcludu. Ha bu gün, ha sabah. Mənə deyitdi bu gün idarəyə gəlim. Özü qoyutdu geditdi. Ca vadlı. Ağakişiyev üç gündür yola düşüb getmişdir. Məmmədəli. Hə, Qlier necə oldu? Cəfər necə oldu? Cəfər (bayırdan gələrək). Mən sənə deyirəm Hüseynağanın səsi yaxşıdır. Əsəd. Mən də sənə deyirəm Bülbülün səsi yaxşıdır. Cəfər. Bülbül heç dibindən oxuya bilmir, özü də heç dibindən artist deyil. Əsəd. Mən də sənə deyirəm Hüseynağa heç dibindən oxuya bilmir, özü də artist deyildir. Məmmədəli. Genə boğuşma başlandı ha!.. Xəlil. Yox. Şübhəsiz, mən bu gün bir münəqqid kimi, bu iki nəfərə baxdıqda hər ikisində müəyyən yaxşı cəhətlər və müəyyən nöqsanlar olduğunu görürəm. Əsəd. Mən sizə deyirəm Hüseynağa artistlikdə də, səsdə də Bülbüldən yaxşıdır. Cəfər. Mən də sizə deyirəm. Bülbül oynamaqda da, səsdə də Hüseynağadan yaxşıdır. Əsəd. Hüseynağa yaxşıdır! Cəfər. Bülbül yaxşıdır! Məmmədəli. Adə, bir dayanın görək kim kimi deyir yaxşıdır. Ca vadlı. Adə, ay evinizi Allah yıxsın, artistləri dəyişik salmışsınız hey... Şərifov. Ha... yoldaş... Cavadlı, məqalə, şübhəsiz, bitdi. Ca vadlı. Haradan. Heç başlamamışıq ki... Şərifov. Ha... yoldaş Cavadlı, şübhəsiz saat on ikidir. Material gec qalacaq. Məmmədəli. Tələsmə, qəzet vaxtında çıxacaq. Xəlil. Heç şübhəsiz, bunların ikisi də artistdir. Və mən, bir zritel kimi baxanda bunların hər ikisindən bir zövqi-bədii ala bilirəm. Lakin mən bunlara bir münəqqid kimi baxdığımdan... Əsəd. A kişi, Hüseynağa nə artistdir? Cəfər. Bülbül nə artistdir? Məmmədəli. Adə, genə artistləri dəyişik saldınız, bir bilmədik kim kimi yaxşı deyir? Ak i f. Xəbəriniz yoxdur ki?.. Xəlil. Şübhəsiz, bu gün biz Hüseynağa və Bülbülü Avropa aktyorları ilə qiyas edəcək olursaq, bəlkə də heç birinin aktyor olmadığı mühəqqəq görünmüş olur. Lakin... Ak i f. Necə? Nöşün? Hər ikisi yaxşı artistdir. Əsəd. Hər ikisi xarabdır? Cəfər. Hər ikisi yaxşıdır! “Yaxşıdır”, “xarabdır” – deyə ümumi bir gurultu qopur. Əhməd. Pryamo xalturyat. Çortovoy materi! (Əlində qəzet olaraq içəri girir, qəzeti stol üstə ataraq) Nə bu? Qəzetəyi bərbad bir hala salmışsınız. Hələ mahsusu dilimlə ismarlamışam. (Kimsə danışmır.) Burda şəkilləri qatışdırmışsınız. Burda yoldaş Çemberlen yazmışsınız. Kim bunu yazdı? Pauza. Cəfər. Cavadlı, o qrankalardan bir-ikisini mənə, məqalələr tökülüb qaldı. Əhməd. Pryamo xalturit eləyirsiniz... Kim bunu yazdı? Yoldaş Çemberlen... Ca vadlı. Xəlil, o bıçağı mənə, bu karandaşı çərtim. Əhməd (getdikcə qızışaraq). Biri yazır yoldaş Çemberlen, biri Hindistan imperializmi... kim bunu yazdı? Əsəd. Cəfər, o bıçağı bəri ver, dekretlər qaldı. Əhməd. Burada çinli qadının şəkli altında Ştrezeman... Hələ dilimlə tapşırmışam! Məmmədə li. Cavadlı, o göy karandaşı mənə, qeyd nömrəsini yazım. Əhməd. Çortovoy materi! Qeyd nömrəsi! Məmmədəli! Mən söz diyorum. Sanki eşitmir. Məmmədə li. Sən mənə deyirsən? Hə, nə olub ki?.. Əhməd. Mən dəmindən zurna çalırmıyım? Bunu kim yapdı? Məmmədəli. Bu gecə mən deyildim növbətçi, Qədirdi. Əhməd. Cafer, kim bunu yazdı? Sənmi yazdın? Cəfər. Nəyi? Əhməd. Nəyi? Dəmindən bağıryorum, partlıyorum, hələ indi soruyor nəyi? Yoldaş Çemberleni! Cəfər. Mənim xəbərim yoxdur. Əhməd. Əsəd, sənmi yazdın? Əsəd. Nəyi? nədir o? Əhməd. Yahu, partlayacağım gəlir. Nəyi?! Zəhrimarı!.. Əsəd. Mənim xəbərim yoxdur. Əhməd. Cavadlı, həpsindən ayrı-ayrımı sorayım? Kim yazdı? Ca vadlı. Mənim xəbərim yoxdur. Əhməd. Sən yazmadın... sən yazmadın... Kim yazdı? Qapılarmı yazdı? Mənmi yazdım? Tap pojalusta arjinalı! Ca vadlı. Mən dünən Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam. Cəfər. Mən də Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam. Əhməd. Yaxşı, yaxşı! Qəbahət məndə. Əli Kərimov. Razaydis, strelyat budu! Əhməd. Pryamo bezobraziye! Xalturyat... Məsuliyyət mənim boynumda qalacaq. Çortovoy materi! Ya zautra naçnu inaçe. Birrusqadını. Tovariş, qde vaş redaktor? Əhməd. Kakoy redaktor? Qad ın. Tovariş Aqakişiyev! Ə z im. Tovariş, on redaktor vozduşnoy qazetı. Əl i. A redaksiya yeqo u neqo mozqu na pravom poluşarii. Əhməd. Gör, ada, köpək oğlunun qoduğu nə xalet ediyor? Habib Almaniyada oturmuş, bunun burada yediyi nanaya bax! Qad ın. Slovom, on mne doljen za... Əl i. On uyexal! Əhməd. Yaxşı, yaxşı! Al pojalusta... Ca vadlı. Vaxsey, neçə səhifədir o? Əsəd. 28-ci səhifə. Bu haçana olacaq? Əhməd. Bu günə! Cəfər. Balam, bunu bir gündə eləmək olmaz ki! Əhməd. Nikakix! Polnosti gedəcək. Sadə dildə. Al, Cavadlı, sən də bu teleqramları! Telefon zəngi çalınır. Əl i. Məni çağırsalar, de yoxdur. Ak i f. Əli... telefona!.. Əl i. Genə kimdir o? Deyəydin yoxdur də. (Gedir.) Əhməd. Al bunu da! Polnosti gedəcək. Ca vadlı. Bu da otuz səhifə. Qaldıq gecəyə. Bağır. Alın bu iki məqaləni bir tərcümə eləyin. Əsəd. Heç yeridir! Onsuz da bir dünya iş var. Əhməd. Al pojalusta bunu da... Cəfər. Uşaqlar, durun gedək, Qədirə deyək pul versin, kabablayaq. Iş ciddiləşdi. Cavadlı, keç stolun altına. Əsəd. Deyək hələ sətr hesablarını versin də... Ca vadlı. Doğrudan, balam, altı gündür vaxtından keçir ki... Qədir girir içəri. Qədir. Yoldaş Əsəd, onları qoy yerə, tez bir bu elanları tərcümə elə getsin. Ca vadlı. Yoldaş Qədir, bu gün ayın... neçəsidir? Bu vaxtadək... Qədir. Ay uşaqlar, hansınızda bir on manat var? Kassada bir köpük də yoxdur. Qalmışam məəttəl. Ə z im. Qədir, köpək oğludur yalan deyən, heç bir köpüyüm də yoxdur. Özüm də... Qədir. Gör Cavadlıda var, beş-altı şahı al, bir-iki günə düzəldərik. Ə z im. Qədir, it oğludur yalan deyən. Həzrət Abbas haqqı, atovun goru üçün, oğlanlarımın canı üçün bir köpüyüm də yoxdur. Heç olmasa altı şayı ver, papiros aldırım. Qədir. Oldu olmadı. Siz öləsiniz beş min manatlıq vekselim var. Mahmud Sadıqov (Qədirin çiyni üzərindən). Kassada siçan oynayır. A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki? Əli telefonu sındırdı, trubkanı-zadı vurdu yerə. (Deyib qayıdır.) Qədir. Yaxşıdır də. Gündə ustaya bir ətək pul veririk. Ak i f. Adə, vaxsey, Əli genə dəli olub stolları qırdı çatdı. Əli (yüyürərək gəlib Məmmədəlinin boynuna sarılır). O Bayadera!.. (Oxuyur, Məmmədəlini öpür.) Məmmədə li. Dayan, ay Əli, iş rəsmidir. Əl i. Molçat!.. Laç!.. Vot tebe!.. (Şkafa bir təpik çəkir, üstündəki kağızlar tökülür.) Məmmə dəli (telefonu götürür). 10-40... Ya z ı. Ponedelnikdir. Smiritelni rubaşka götürüm. Əl i. Molçat!.. Vo...laç! (Onun ardınca qaçır, o biri evdən oxumasının səsi gəlir... Tamara Dmitriyevna) Məmmədə li. Qədir, mən mestkom olduğum üçün sənə deyirəm: bu gün əvvələn, məvacibləri ver! Qədir. Pul yoxdur, bu heç. Sonrasını de görək. Məmmədəli. Mən yoxdur-moxdur bilmirəm. Mən əmr etdim; gərək verilsin. Əli (girərək). Pravilno! Bravo mestkom! Ya kak çlen seksii rabprosa podderjivayu! I, trebuyu ot imeni mnoqomilyonnoqo, uqnetyonnoqo çeloveçestva və dəlixanada yaşayan bütün vətəndaşların adından trebuyu platit! A yesli ne seqodnya, to zavtra, yesli ne zavtra, tak altısında ver, yeddisində ver, səkkizində ver, doqquzunda ver, onunda, on birində... (və ilaxır sayır.) Məmmədəli. İkinci, peç üçün odun aldır! Mahmud Sadıqov (Qədirin çiyninin üstündən). Pul yoxdur, müsülman! Qədir. Yığışın hamınız bir otağa, nəfəsinizdən isti olsun. Məmmədəli. Sonra sətr hesablarını ver!.. Qədir. Mahmud, doğrudan, pulun var bir beş manat ver, iki min manatlıq vekselim var, gərək bu gün düzəldim verim. Mahmud. Oğlumun canı üçün ki, kassada bir qara qəpik də yoxdur. Əli Cəlilzadə (Mahmudun qoltuğu altından). Calaqoniya da pul gətirmədi. Sinkoqrafiya da pul üçün gəlmişdir. Qədir. Yaxşı də, düzəldərik bir-iki günə. (Deyə əkilir.) Cavadlı, C ə f ə r, Ə s ə d, Əzimov və başqaları (dalbadal). Əli, başına dönüm, bir yeri, bəlkə Qədirdən bir şey düzəldəsən, yoxsa cib boş, qarın boş baş da ki, boşalmaq üzrədir... Əl i. Yaxşı, siz işləyəsiniz, mən bu saat xəbər gətirim. (Gedir.) Ə z im. Ay uşaqlar, altı köpüyüm var, üstünə iki manat da qoy, bir dənə yaxşı limon, bir qutu manpası... Ca vadlı. Bir də bir avtomobil alaq, səni də mindirək içinə. Akif. Göndərək Moskvaya, istoriçeski redkostların arxivinə! Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Gərək sənin özünü göndərək Ərdəbilə... Əsəd. Tutmadı, Əzim, nömrən tutmadı! Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Göndərək, çünki... Əsəd. Sənin adını muzeyə kim buraxır. Mənim adım isə doğrudan da Moskva muzeyində vardır. Tərcüməmin afişasını divara vurublar. Hətta Leninqrad muzeyində də vardır. Xəlil. Mənim də muzeydə adım vardır. Hətta Almaniyada da vardır. Kitab kataloqunda yazılıb tərcüməçisi Xəlil İbrahim... Ancaq 1916-cı ildə yanvar ayının 18-də, cümə axşamı mən “Səda” da bir məqalə yazdım, onu 1916-cı il avqust ayında Parisdə “Pti Parisen” qəzeti tərcümə elətdirmişdi. Ancaq zəhrimar adımı yazmamışdı. Yandırdı tökdü məni! Cəfər. Əligil gec gəldi. Mən gedim bir xəbər gətirim. (Gedir.) Ca vadlı. Uşaqlar, türkcə necə demək traktovka? Ə z im. Hələ traktorlaşdırmaq. Əsəd. Yox, ada, avtomobilləşdirmək, ya da parovozlaşdırmaq. Ə zi m. Get, ada, malçişka! Nakonse konsev mən yüz dənə sizin kimi malçişkalara dərs verərəm. Cəfər (qaçaraq, dirijor vəziyyəti alır). Uşaqlar başlayın. Əsəd. Hansından? Cəfər. Şopendən. Əsəd bas ilə Şopenin yas marşını başlayır, Cəfər dirijorluq edir və Cavadlı bariton ilə səs verir. Xor ilə yas marşı. Ak i f. Vaxsey, Əhməd gəldi. Əhməd. Yahu, bu nə? Cəfər. Ə h m ə d, doğrusu, pulumuz yoxdur. Ca vadlı. Özümüz də ac. Əsəd. Vur öldür, artığını ver. Əl i. Qədir də, Mahmud da and içirlər ki, bir qara köpük də yoxdur. Əhməd. Necə yoxdur? Çağır pojalusta Qədiri! Yaqub! Əsəd Əyyubi. Yaqubu yumurta almaya göndərmişim. Allah bəlasını versin. Əhməd. Nerdə o birilər? Abuzər! Əsəd Əyyubi. Abuzəri içməli su gətirməyə göndərmişəm. Qadır para verməmiş, bizim suları qapamışlar. Əhməd. Yahu! Allah bəlasını versin, bu Şəmsülnisa nerdə? Əsəd Əyyubi. O da çay gətirməyə getmiş. Əsəd. Atam, Qədiri mən gedim çağırım da, təki o pul versin. (Gedir.) Əsəd Əyyubi. Durunuz hələ sizə bir şiir oxuyayım. O divar, o divar, o divarın dibində... Ə z im. Ac qarına bizim üçün çargah oxuyacaqdır. Ca vadlı. Olmaz ki, sonra oxuyasan? Əsəd Əyyubi. Yox, hələ ufacıq bir şiir. Cəfər. Di tez ol görək nə deyirsən! Əsəd Əyyubi. O divar, o divar o divarın dibində... O divar, o divar vız gəlir bizə, vız... A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki?.. (Əhmə di görüncə birdən sözünü saxlayır və Əhmə də yanaşaraq) Əhməd yoldaş, xəbəriniz yoxdur ki? Axşam burada qiyamət idi. Səkimizdən iki piyan urus keçirdi. Biri valayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi. Əhməd. Nə oldu? Bu Qadırın Allah bəlasını versin! Əsəd (girərək). Budur gəlirlər. Kontoru bağlayıblar, gedirlər. Qədir, dalınca Mahmud əlində açarlar, Əli, Əziz, Ruxsarə və Ləman gəlirlər. Hamısı da paltolarını geymişlər. Əhməd. Nerəyə böylə? Qədir. Ə h m ə d, cümə axşamıdır, saat ikidə kontor bağlanır. Ca vadlı. Hələ ikiyə 10 dəqiqə vardır ki! Qədir. Ə h m ə d, pul yoxdur, indi sinkoqrafiya da pul üçün gələcək. Ona görə bir az tez gedirik. Mahmud. Onsuz da kassada bir köpük də yoxdur. Oğlumun canı üçün ki... Əhməd. Nasıl yoxdur?! Baksovet vermədimi? Hidayət. Cəmisi yalvar-yaxar üç yüz manat pul qopara bilmişəm. Qədir. Ə h m ə d, hələ tutaq ki, var. Sinkoqrafiyaya pul verməmişik. Tipoqrafiya qalıb, ayın on səkkizinə də vekselim vardır. Əhməd. Gör, ada, ayın on səkkizinə hələ altı gün var. Çortovoy materi! Ver pojalusta bunlara pul!.. Qədir. Ə h m ə d, telefonların pulu qalıb, suyu kəsiblər!... Mahmud. Siz öləsiniz, köpəy oğludur yalan deyən... Əhməd. Ver pojalusta! Nikakix! Avans ver! Qədir. Yaxşı də, Mahmud, gör əlli manatdan-zaddan bəlkə düzəldə biləsən, verək, hələlik bölüşdürsünlər. Mahmud. Gedim görüm bəlkə bir otuz manat bir təhərlən düzəldim. Ə z im. Bəs səhərdən bir köpük də yoxdur? Mahmud. Siz öləsiniz, atamın goru üçün ki, onu da qayınatamın pulundan verəcəyəm. A k if (gəlir). Xəbəriniz yoxdur ki? Əli Əzimin balığını oğurlayıb yedi! Bu aralıq Əl i qaçır, Əsəd Əyyubi ardınca yüyürür. Əhməd. O nə? Əsəd Əyyubi. Yahu, Allah bəlasını versin, yumurtalarımı çaldı da, qaçdı! Əhməd. Yaxşı, yaxşı, dağılışın! (Özü gedir.) Pojalusta. Əl i. Ay uşaq, Xəlil qaçır, qoymayın! Cəfər. Ada, götür papağını, qoy şkafın üstünə! (Əli götürür papağını, şkafın üstünə qoyur.) Əsəd. Cəfər, zəngi bas, kabablayaq. A k if (qaçır). Xəbəriniz yoxdur ki? Mahmud əlli manat pul gətirir. Ə z im. Siz öləsiniz, köpək oğludur yalan deyən, mənim 46 manat borcum var, bu günə söz vermişəm, gərək aparıb verəm. Ak i f. Onda olmaz ki, hələ o əlli manatın hamısını verək sənə? Ə zi m. Sən səsini kəs! Sən malçişkasan. Mən sənin tayın deyiləm. Mənim oğlumun nəvəsi səndən iki yaş da böyükdür. Məmmədə li. Ada, genə nə vurhavurdur? Xəlil (gələrək). Balam, mənim bu papağımı oraya kim qoyub? Əl i. Xəlil, qaçdı yoxdur. Xəlil. Mühüm bir işim vardır, siz allah papağımı veriniz! Əl i. Elə şey yoxdur! Xəlil iki stul tapıb, bir-birinin üstünə qoyur, şkafın üstünə dırmaşır. Əsəd. Cavadlı, orta qapını bas! Bu aralıq Əl i qaçır, Tamara Dmitriyevna onun dalınca yüyürür. Tamara Dmitriyevna. Gerimiç, day pojaluysta pudru! Əl i. Molçat! Oyyo! O Bayadera!.. Cəfər. Uşaqlar, başlayın o birini. Xor. Ağ dəvə düzdə qaldı, ya ləlli, qurbanın olum; Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli. Oğlanı dərd apardı, ya ləlli qurbanın olum; Dərmanı qızda qaldı, ya ləlli can, ləlli. Xəlil şkafın üstünə döyür, bu halda Əli, Xəlili qaldırıb şkafın üstünə qoyur; Xəlil ayaqları ilə şkafı döyür. Cəfər. Uşaqlar, oğlanı dərd apardı yox, oğlan dərdi apardı, dərmanı qızda qaldı. Əsəd. Yox, oğlanı dərd apardı. Cəfər. Heç yox! Oğlan dərdi apardı daha gözəldir. Xəlil (göydən). 1918-ci ildə iyul ayının 14-də, cümə axşamı mən Şuşada idim. Orada... Cəfər. Xəlil, di bazar açma, xronologiyada işimiz yoxdur. Başlayın! Ca vadlı. Di, yaxşı, hər kəs öz istədiyini desin. Başlayın. Xəlil şkafı ayaqları ilə nağara kimi çalır. Əsəd stolu çalır, özü də başı ilə oxuyur. Əli Kərimov Tamara Dmitriyevnanı qucmuş bir halda dayanmış, Cəfər bir stulda oturmuş, ayaqlarını da o biri stula qoymuş, Cavadlı da stulu döyür. Ak i f. Xəbəriniz yoxdur ki? Mahmud gəlir, pul gətirir. Xəlil. Ay uşaqlar, siz allah məni düşürün! Cəfər. Olmaz, olmaz, di başlayın! Xor. Ağ dəvə düzdə qaldı, ya ləlli qurbanın olum; Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli. Oğlan dərdi (“oğlanı dərd” yerini hər kəs öz bildiyi kimi) A ləlli can, ləlli can, ləlli; Apardı, ya ləlli qurbanın olum. Dərmanı qızda qaldı, ya ləlli can, ləlli. A ləlli can, ləlli can, ləlli. * * * 2000 gecə Axşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər. Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki stəkan çay, çaynik, bir də Xor - Xor qəlyan qoyulmuşdur. Qəlyan tütünləyir. Süleyman. Gəl də, hələ bu gün sovesçaniyə olub, Əliağa bu vaxtacan gəlib çıxmayıb, korrekturalar da o yanda tökülüb qalıbdır. Ağahüseyn, dur sən allah bir telefon ilə danış, de ki, materiallar tökülüb qalıbdır. Əliağa (girərək və oyan-buyana baxaraq). Yaxşıdır də! Döndərmişsiniz xarabanı kababçı dükanına. Xor - Xor qəlyan... piti... Yaxşıdır də... (Kimsə danışmır.) Yoldaş Süleyman, olar ki, zəhmət çəkəsiniz, biz burada işləyək? Pojalsta! Naborşiklərin öz otağı var... Al lahverdi. Axşam vaxtı genə işə düşdük də... Süleyman. Saat yeddidir, atıla-atıla durub gəlib üstümə ki, nə var iş bilmişəm. Əl iağa. Daha o sənin işin deyil! Pojalsta bez zameçani! Yaqub (tələsik içəri girərək). Bu tərcüməçilər gəlməyib! Əliağa, al bu üç məqaləni, tərcüməçilər gələn kimi ver, eləsinlər. Əhməd dedi. Əl iağa. Özlərini ələ salıblar. Cəhənnəmə ki! Mənə nə var! Səhər qəzet qalar on ikiyə. Tiraj gündən-günə azalır. Gecə saat dörddəüç məqaləni götürüb ki, tərcümə eləsinlər. Əbdülrəhim saat 11-də gələcək, sonra bunları tərcümə edəcək. Cəhənnəmə olsun hamısı, mənə nə var! Ağahüseyn. Əliağa yoldaş, daha tez ha, çox tez gəlməmişsən ki? Əl iağa. O daha sənin işin deyil. Materialı qoy, çıx get. Hanı bəs bu Xanım da gəlib çıxmadı ki! Onda gedim Xanım gələnədək bir pivələyim. Xanım əlində çadrası yellənərək içəri girir. Xanım. Əliağa gəlib çıxmayıb? (Əliağa içəri girir.) Əliağa, bəs haradasınız, bu vaxtadək gəlməmişsiniz, materiallar tökülüb qalmış? Əl iağa. Xeyr, Xanım bağışlayarsınız, mən bir gəldim; istəyirdim pivə içməyə gedim, daha getmədim. Siz özünüz hardasınız? Xanım. Heç yox! Mən lap çoxdan buradayam. Əl iağa. Mən saat on ikidən burada oturmuşam. Xanım. Mən lap saat 11-dən burada oturmuşam. Əl iağa. Süleyman, atam, sən gördün mən qabaq gəlməmişdim? Süleyman. Mənim xəbərim yoxdur. Əl iağa. Di yaxşı, indi ki, elədir, dur buradan!.. (Oturub oxumağa başlayır.) “Çan Kay-şi öz hərəkətlərində hər kəsdən yardım görə bilərsə, ümumi çaynik ağası olan Əliağanın deyinməsindən qorxmayacaqdır...” Ada, bu nədir? Xanım! (Xan ı m danışmır.) Ay Xanım?.. (Xanım birdən diksinərək, kağıza baxır.) Nə yazılıb orada?.. Xanım. Hələ elədir də... Əl iağa. Nə elədir? Xanım. Mən nə bilim! Əl iağa. Necə mən nə bilim? Bəs sən nəyə qulaq asırsan? Xanım. Hər nə burada yazılıb, ona qulaq asıram da!.. Əl iağa. Orada Əliağanın çaynik ağası olması da yazılıbdır? Xanım. Nə çaynik ağası? Əl iağa. Pojalsta, Xanım, yaxşı qulaq as! Xanım. Mən elə yaxşı qulaq asıram. Sən hələ həmişə mənim üstümə düşürsən. Jandarm kimi qoymursan gözümü açım! Əl iağa. Pojalsta vəzifəndir! Qulaq as! Xanım. Hələ hər nə oldu deyinirsiniz! Hər nə oldu deyinirsiniz! Mən bu saat Əhmədi çağıraram. Əlini çağıraram. (Telefona gedir, mərkəz gec cavab verdiyindən ağlayır, yıxılıb, özündən gedir.) Mahmud. Yoldaş Əliağa, bu X a n ı mı nə üçün incidirsən? Əl iağa. Mənə nə var, yoldaş! Vəzifəsidir, yaxşı baxsın. Bu çaynik ağasını buraya kim yığıb? Mahmud. Məmməd yığıbdır! Əl iağa. Məmməd, pojalsta, mən bunu saxlayacağam, Babetskiyə göstərəcəyəm! Məmməd. Ged, ada! Ged ada! Göstərəcəyəm... Heç onu mən yığmışam? Əl iağa. Bəs kim yığıb? Məmməd. Mən nə bilim! Qulaməli maşının başında yatıb, gözü yuxulu, ağzına gələni yığıbdır. Əbdülrəhim içəri girib, öz yerində oturur. Əl iağa. Əbdülrəhim, balam, bir az tez gəl də! Tərcümələr tökülüb qalıb burada. Al, üç dənə məqalə! Əbdülrəh im. Qoy bura, elərəm də. Materialları alıb yanına qoyur və başını yerə qoyub yatır. Xanım oyanır, gəlib oturur. Əliağa yenidən oxumağa başlayır. Məmmədəli əlində qəzetlər və yenicə çıxmış “Oqonyok” içəri girir. Məmmədəli. Ya Allah! Kim var, kim yox? Əl iağa. Əbdülrəhim, tez ol, maşınlar dayanıbdır. Əbdülrəh im. Mən bu gecə naxoşam. Tərcümə edə bilməyəcəyəm. Məmmədə li. Necə edə bilməyəcəyəm? Əbdülrəh im. Dünya ki, var, beş gündür. Mən deyirəm bu yaşayışın heç mənası yoxdur. Özüm də bu saat tanış yerə getmişdim, qonaq çağırmışdılar. Nə qədər yalvardılar ki, heç olmasa bir rumka da olsa iç, sən öləsən, dilimə də vurmadım. Axırda vur-tut bir butılka yarım araq içmişəm. Mən bu gecə işləyə bilməyəcəyəm. Əl iağa. Yaxşıdır də. Indi teleqramlar gələcək. Məmmədəli, bəs nə edək? Məmmədə li. Ürəyini sıxma! Düzəldərik sənin üçün! Əl iağa. Necə düzəldərik? Saat doqquzdur. Maşınlar dayanıb qalacaq sabaha. İki gündür gözlərimi yummamışam. Ada, Əbdülrəhim! Əbdülrəh im. Sən səsini kəs, zıqqıldama pojalsta! Məmmədəli mənim qardaşımdır. Ona dedim, özü anladı. Özüm də gedirəm. Məmmədə li. Əbdülrəhim, necə gedirəm? Başla görək! Əbdülrəh im. Əlimə də ala bilməyəcəyəm. Məcbur deyiləm ki, kefli-kefli tərcümə edim. (Başını yerə qoyur, yatır.) Məmmə dəli. Ada, Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir. Məmmədəli onu silkələyərək.) Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir.) Bu aralıq Əhməd içəri girir. Əhməd. Nə olub? Əl iağa. Nə olacaq! Materiallar tökülüb qalıb, Əbdülrəhim də burada keflənibdir. Əhməd. Nasıl, keflənmiş?.. Abdalrahim! (Qabırğasından bir dümsük vuraraq, onu oyadır.) Abdalrahim! Əbdülrəh im. Nə deyirsən, Əhməd yoldaş? İçmişəm, vəssəlam! Özüm də sabah gedəcəyəm soyuza şikayətə. Sizin məni qulluqdan çıxarmağa haqqınız yoxdur. Çünki vur-tut bir butılka yarım içmişəm. Nəhayət, mən də özüm üçün bir adamam! Əhməd. Nasıl adamam? Bilmirsən bu saat “Pravda” gələcək? O tərəfdən də Şuralar qurultayı gedir... Əbdülrəh im. Ay Əhməd, qurultay olduğunu mən çox yaxşı bilirəm. Daha mən nə bilim qurultayda daim danışacaqlar da... Əhməd. Necə, ada, danışacaqlar? Əbdülrəh im. Vacib deyil ki, qurultayda danışsınlar... Əhməd. Necə, ada, nə danışırsan? Qurultayda nə edəcəklər? Əbdülrəhim. Mən nə bilim, ay Ə h m ə d!.. İndi içmişəm, vəssəlam!.. Əhməd. Çortovoy materi! Get pojalyusta! Mamedali, çağır pojalyusta Caferi!.. Məmmədə li (telefonu alaraq). 24-24! Cəfər, tez mətbəəyə gəl, Əbdülrəhim tramvay altında qalıb, göndərdik xəstəxanaya. Qəzet yatıb qalıbdır. Əhməd. Nerdə bu teleqraflar? Yaqub gəlməmişmi? Əl iağa. Sonra da deyirlər qəzet gecikir. Qəzet qaldı sabaha, mənə nə var!.. Əhməd. Çağır pojalusta Yaqubu! Ə l ia ğ a (telefona gedərək). Yağub! Fatma! Yağub evdə... necə?.. Hamama gedib. (Telefonu asaraq) Buyur da! Bu da burada hamama gedib. Məmmədə li. Ürəyini sıxma. Qəzet öz vaxtında çıxacaqdır. Əhməd. Di yaxşı, Mamedali, başla Bakı səhifəsini. Məmmədə li. Hardan? Nə Cavad gəlib, nə də Əbdülrəhman! Əhməd. Nerdə bəs bu adamlar? Qulaməli. Əbdülrəhman gedib Baksoyuza kreditovaniya almağa. Cəfər oxuyaraq içəri girir. Cəfər. Qara dəniz axşam deyir, Ətrafını yıxmam deyir... Əhməd. Balam, ya Allah, ya Allah! Ay Cafer, bir belə də yatmaq olmaz! Sənin kefin, əhvalın?.. Al, bir qanfet verim sənə... Cəfər. Balam, Əbdülrəhimə nə olub? Məmmədəli. Cəfər başına dönüm, daha danışmaq vaxtı deyil, otur başla. Orada üç-dörd məqalə vardır, onları tez əldən çıxar. Əl iağa. Hindi də teleqraflar gələcək. Əbdülrəhman burnunu və dodaqlarını sallamış bir halda içəri girir. Əhməd. Nerdəsin, yahu? Bin yol demişdim... Əbdülrəhman. Vallah, Məmmədəli, yatmışam. Arvadın mənə yazığı gəlib oyatmayıb. Bir də ayıldım gördüm saat 10-dur. Qaça-qaça gəlmişəm. Məmmədəli. Tez ol soyun, başla! Əhməd. Nerdə bu klişelər? Əl iağa. İki saat bundan qabaq telefon elədilər ki, göndərdik, iki dəqiqədən sonra gəlir. Əhməd. Allah bəlasını versin. Mamedali, bir telefon elə başın için!.. Bu aralıq Qədir sərasimə içəri girir. Qədir. Buraya gələn-zad olmamışdı? Məmmədəli. Nə gələn? Kim yəni? Qədir. Qulağıma, deyəsən salat səsi dəydi... Ölən-zad gəlməmişdi bura? Bu aralıq bir nəfər içəri girir, Qədir tez ona tərəf qaçaraq. Hə, olmıya ölünüz ölüb?.. Ölüsüölən. Bəli, mənim atam ölüb. Qədir. Hə... Allah rəhmət eləsin. Eybi yoxdur. Dünyanın işi belədir. Hamı öləcəkdir. Ölüsüölən. Allah sənin də ölənlərinə rəhmət eləsin. Qədir. Yaxşı, deməli, siz elan vermək istəyirsiniz? Ölüsüölən. Bəli! Qədir. Yaxşı də, hələ bir troynik verdirərsiniz. Özgəyə 46 manat alırıq, sizin üçün bir az güzəşt elərik. Məmmədəli, o çortkəni bəri ver! (Salır.) Deməli, 90 sətir. Bu 26, bu da 18, bu da... Belə... hə də, deməli, hamısı 54 manat 18 qəpik. Yaxşı, bu 18 qəpik də heç. Hələ düz 55-cə manat verərsiniz. Baş üstə... Yaqub teleqraflarla içəri girir. Əhməd. Nerdəsin, ada? Saat on ikidir! Yaqub. Mən nə eləyim, Zaktacda korrektor gəlməmişdi. Ad qoyulan günü idi. Axşamdan gözləyirəm. Əhməd. Bu nədir? 60 səhifə!.. Yaqub. Olar gündüzdən qalandır. Abazər gedib yaçeykaya, materialları gətirməyibdir. Əhməd. Allah bəlasını versin. Nerdə bu klişelər? Əl iağa. Odur hey, 70 səhifə teleqrafı birdən yığıb götürübdür. Bunu gündüz deyəsən eləyə bilmirlər. Yaxşıdır də, qaldıq sabaha. (Əhmə də müraciətlə) Bax, min yol sənə demişəm. Götürüb yazıblar çaynik ağası, sonra da qəzetə getdi, nə olsun? Əhməd. Nə çaynik ağası? Əl iağa. Mən nə bilim? Əhməd. Bəs mən nə bilim? Əl iağa. Yaxşıdır də, deyəndə deyirlər mən nə bilim. (Gedib bir həsir tapıb gətirir, altına salıb uzanır) Cavad içəri girir. Əhməd. Nerdəsin, yahu? Cavad. Naxoşdum, ölürdüm. Bu saat yorğan-döşəkdən durmuşam. Əhməd. Get, ada! Gözləri şişib... Cav ad. Necə, özüm ölüm sancılanmışdım, ölürdüm, yarımca şüşə araq içmişəm ki, sancım kəsilsin. Əhməd. Çortovoy materi! Biri yatır yuxuya qalır, biri sancılanır. Cavad. Ə h m ə d, sən mənə material ver, hamıdan qabaq qurtarmasam, əllərimi kəsərəm. Məmmədəli. Di yaxşı, başla teleqrafları. Cavad. O səhifə Əbdülrəhmanındır. Mən dekretləri eləyəcəyəm. Məmmədəli. Dekretləri, Əbdülrəhman dedi mənimdir, o apardı. Cavad. Buna bax, mənim səhifəmi oğurluyub aparıb. Dayan, gərək gedib onunla ayırd eləyim. (Gedir.) Əliağa (həsir üstə uzanaraq, yerindən danışır.) Bura bax, Məmmədəli, Mirzətağı gəlməyib ha! İndidən bir çarə eləyin. Məmmədə li. Evindən xəbər alaq da. Cəfər (oxuyur). Bəxti-namərdanəmizdən ruzigar ağlar bizə, Aman, aman, aman, aman, aman, aman, aman hey... Məmmədə li. Adə, Hüseyn, Məmmədəli, bircə sən allah, yeri Əlipaşanı çağır, bəlkə birdən Mirzətağı gəlmədi. Bu aralıq Mirzətağı əlində iki qarpız, iki girvənkə Qarabağ pendiri, üç girvənkə Gəncə üzümü, bir çətvər çay, iki təndir çörəyi, iki girvənkə qənd, iki düjün stəkan-nəlbəki, bir qoltuğunda balaca bir samovar, iki xörək qaşığı, üç də çay qaşığı, bir taskababı, piti, bir dəmir çaynik, bir də saxsı çaynik, qurşağında bir lüləyin və çiynində bir dəst yorğan-döşək və bir sarı kürk olaraq içəri girir. Mirzətağı. Hə, salaməleyküm! Deyəsən bir az gecikmişəm. Məmmədəli. Mirzətağı, bular nədir? Köçürük mətbəəyə? Mirzətağı. Məmmədəli, bircə sən allah, bu yorğan-döşəyi çiynimdən al, əllərim doludur. Nə eləyək, balam, bütün gecəni burada qalacağam; sonra acından ölərəm. Qurbanəli. Mirzətağı, bircə bu latıncaya qulaq as, bu zalım uşağı hamısı savadsızdır! Heydər də qatışdırıb bir-birinə. Heydər. Sən qatışdırmısan bir-birinə. Burada Əlipaşa içəri girir. Aha! Budur, Mirzətağı burada. Bəs dedilər Mirzətağı itib?! Əl iağa. Əlipaşa, yaxşı gəlmişsən. Vur-tut üç-dörd min sətir material qalıb. Sən allah, olara sən bax, mən bir gedim yatım. Münəvvər Xanım içəri girib, səsi eşidilmədən başı ilə salam verir. Əlipaşa. X a n ı m, deyəsən siz də bu gecə mənim kimi yol azmışsınız? Münəvvər Xanım. Heç yadımda olmamış. Mən elə bilmişəm bu gecə mənəm. Cəfər (qələmi qoyub başlayır). Sonra deyirlər belə! Vallah, billah, Həzrət Abbas haqqı, onda ki uruslar urusca yazır, hasand yazırlar, başa düşmək olur. Onda ki türklər urusca məqalə yazırlar, o qədər qəliz olur ki, heç kəs başa düşmür. Hə, buyur də, bundan nə başa düşürsünüz? Məmmədəli. İşini gör, düzəldərik səninçün. Cəfər (kamal səliqə ilə divara söykənib oxuyur). Qara dəniz axşam deyir, Ətrafını yıxmam deyir. Məmmədəli. Babay, babay, babay, babay... Əlibala. Balam, daha nə yazırsınız? Maşın xarab oldu, işləmir. Əhməd. Necə işləmir? Nerdə? Baqrat? Qara Əbdülrəhman. Baqrat gedib yatıb; çağırdıq, tumanköynəkdə yorğandöşəkdən çıxıb gəlmişdir. Əhməd. Çağır pojalusta Babetskiyi! Əbdülrəhman və Cavad boğuşaraq, içəri girirlər. Əbdülrəhman. Məmmədəli, nöşün deyirsən dekret onundur? Keçən ayın 12-də dekretləri Cavad eləmişdi, ondan sonra hesab ilə bu gecə düz mənə düşür. Məmmə dəli. Mən bilmirəm, özünüz ayırd eləyiniz. Cavad. Necə bilmirəm? Özün bilmirsən ki, bu gecə dekret mənimdir? Əhməd. Yaxşı, yaxşı! Kuryer girir, kağız gətirir. Bu nədir? Cafer, işin bitdi. Al bunu, bu gecə gedəcək. Qədir. Bu nədir? Maşınlar xarab olub; bu səkkiz səhifə haçan olacaq? Olmaz ki, sabaha qalsın? Əhməd. Dur, ada! SK-dan gəlib, yarın “Bakinski Raboçi”də çıxacaq, bu gecə polnosti getməlidir. QaraƏbd ül rəhman. Bağrat çıxdı getdi. Maşının biri bu gecə işləməyəcək. Əl iağa. Yaxşıdır də! Bu yandan maşın xarab olub, bu yandan da altmış səhifə teleqraf, SK məqalələr. Qaldı yenə sabaha. Məmməd əli. Xülasə, o kişi deyib gedibdir. Dedi: mən gedirəm, ancaq müsəlman işi düzələn iş deyil. Allahverdi. Du... duddudu... du Du... duddududu... du... Əl iağa. Adə, sən də rədd ol buradan! Dünya qədər iş tökülüb qalıb, bu da gəlib zurna çalır... Məmmədəli. Əliağa, ürəyini sıxma! Bu, birinci gecə deyil ki... bu hələ belə olub, belə olacaq və qəzet də vaxtında çıxacaqdır. Hamı işə başlayır. * * * == Librettolar == Sitarə 6 pərdəli opera librettosu İştirak edənlər Sitarə HacıSəyyad – Sitarənin atası Tapdıq – Sitarənin qardaşı İsmayıl Mənsurxan – Sitarənin sevgilisi Vəz ir Əsəd }Sitarənin oğlanları Cəfər Səfər – Hacı Səyyadın nökəri Çoban Əsgərlər, ə y a n l a r, x o r Birinci pərdə Xor Dəhri-dunin yox vəfası, çoxların etmiş zari-sərgərdan. Yox vəfası, ey əzizan, tərsinə fırlanmaqdadır dövran. Hər tərəf xain, edir zülm, eyləyir xalqı həsrəti tale, Sidq yoxdur, zülm çoxdur, çoxlar olmuşdur xainə qurban. Binəvalar oldu giryan-zari-məhrun, yox pərəstarı, Zülm hər yan, etdi tüğyan, yoxdur məzlumə eyləyən dərman. Pərdə düşür və tez qalxır, HacıSəyyad daxil olur. Hacı (Rast üstünə oxuyur.) Keçir əyyam, güni-gündən çoxalır dövləti-malım; Pulum çox, dövlətim çox, qəmim yox, yaxşıdır halım. Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt; Qocaldım, taqətim getdi, səmərəsizdir bu əmvalım. Dəxi dünyaya bəsdir sərf qıldım ömür-fanini; Səmərəsizdir bu dünya, ey gözüm, kim söyləyir aləm. Bu gün Həccə rəvan olmaqdayam bu dar dünyada, Edim Həcci ziyarət, ta ki, parlaq olsun iqbalım. Sitarə, Tapdıq və İsmayıl daxil olurlar. Hacı (Simai şəms) Xəlayiq oldu mühəyya, gedin ibadətə tez, Bu gün o beyti-xudanı gedin ziyarətə tez. Sitarə Atam, apar məni də Kəbənin ziyarətinə; Düşər anamsız işim, mən bilən, zəlalətə tez. Hacı Otur sən evdə, bu Tapdıq bəradərin də qalır; Yetər bu dərdü qəmin, ey qızım, nəhayətə tez. Sitarə (Təsnif) Mehribanım, valideynim, guş edin bu ərzimə: Getməsin İsmayıl, ol arami-canım, getməsin. Hacı Bu ola bilməz, qızım, kim hər ikimiz pir ikən, Var üç övladım, mənimlə bir cavanım getməsin? Sitarə Qardaşım Tapdıq naxoş, bəs mən necə yalqız qalım? Qoymasın yalqız məni, ol cismi-canım, getməsin. Hacı Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa; Getməsə o, hökm qıllam karvanım getməsin. Sitarə (Simai şəms) Atam, rəhm etgilən rədd eyləmə bu ərzi-halımı, Naxoşdu qardaşım, qoyma bizi yalqız da, xar etmə. Hacı Otur evdə dua eylə ki, gəlsin qardaşın salim; Həmişə qardaşınla ol, bizi bietibar etmə. Tapdıq Ey bacı, nədir belə bugunə nalə? Səbr et, eləmə belə bizi mükəddər. Mən ölməmişəm, hələ sağam ki, hala, Bax, durmuşam çun belə səddi-Isgəndər. Musiqi. Sitarə Doğrudur sözün sənin, a mehribanım, Qəmsiz olasan belə əziz bəradər; Lakin döyünür belə nədənsə qəlbim, Doğmuş ürəyimdə qəmsəralər. Xor Qorxmagilən sən belə bu macəradən, Darda qoymaz səni xudayi-əzəm; Qardaşına et belə həmişə hörmət, Tanrı sənə qismət elyəməz qəm. Sitarə Pənah ola ol belə pərvərdigarə, Gedin səlamət belə bu rahi-həqqə. Edə kömək ol belə xudayi-vala, Gedin səlamət belə bu rahi-həqqə. Hacı (Çargah) Tapdıq, ey əzizi-canım, oğlum, Ey dar günü gümanım oğlum! Guş et sənə eyləyim vəsiyyət, Hər nə ürəyimdə varsa söhbət. Bir gün var idi ki, şadi-rahət Öz xanəmə eylər idim ovdət Vardı yol içində bir böyük daş, Daşa yetişirdim onda yavaş. Baxdım, yox idi yaxında bir kəs, Gəldi qulağıma bir həzin səs. Gördüm ki, bu ağlamaq sədası Daş səmtdədir ki, binəvası Bir tifl-bürəhnə çari-ruzə Bu nalələri verir büruzə. Qəlbim alışıb bu macəradan, Tez qapdım o tifli mən oradan. Çəkdim sənin hər qəmin, əzabın, Nazın, ələmin, əzabü-tamün. Ta ki, səni bir boya yetirdim, Sənlə bunu bir gözümdə gördüm. Hər gunə əziyyətə dayandıq, Tapmışdıq, adın da qaldı Tapdıq. İndi sənə eylirəm vəsiyyət: Öz xahərinə sən eylə hörmət. Tapdıq Siz mənə yaxşılıq edib tapdınız, Saxlayıb bu məqamə çatdırdınız. Eylərəm yaxşılıq ölüncə sizə; Ey ata, sən inan, inan bu sözə. Edərəm xahərimi hifzü fəğan Hər bəlayə bu sinəmi qalxan. (kənara) İndi əlimə düşübdü fürsət, Ol yarımın hökmü məndədir bil. On ildi bu fürsəti güdürdüm; Ey şux, gözüm ki, səndədir, bil. Hacı Səfər, get de, hazırlansın təmamən karvan əhli, Di tez hazırlanıb rahə rəvan etsinlər karivanı. Pərdə İkinci pərdə Musiqi. Tapdıq (Tək oxuyur həmən otaqda) Bəli, fürsət yetişdi, indi də dövran mənimdir, On ildə çəkdiyim zəhmət, əziyyət yetdi itmamə. On ildir həsrət ilə intizar idim bu əyyamə, Mənim olsun Sitarə, mən gərək bu şəb yetim kamə. Dəxi fürsət yetişdi, indi də dövran mənimdir; Əcəb dövrandı düşdüm karimə, asan ola karım; Bacı-zad bilmərəm mən, olmalıdır o mənim yarım. Xoş ilə olmasa, divan edər şəmşiri-xunxarım. Bəli, dövran yetişdi, indi də dövran mənimdir, Mənimdir həm Sitarə, sevgili canan mənimdir. Keçir o biri otağa, bir azdan sonra Sitarə, pərişan halda, dalınca da Tapdıq çıxırlar. Sitarə (Şüştər) Bu nə rəftaridir, söylə, edirsən, qardaşım, izhar? Di gəldin bəstərimə, ey bəradər, hansı babətdən? Neçin, qardaş, rəva gördün mənə bu macəranı sən? Neçin getmiş qərarın, həm dolub başın səfahətdən? Tapdıq Gərəkdir bu gecə əmmək o ləli-ləblərin yarın, Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən. Sitarə Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? Kənar et zülmü, gəl qardaş, uzaqlaş bu dəyanətdən! Tapdıq Gözüm, divanəlikmi ya dəyanətmi bu əfkarım, Mənə yar olginən, ey dilbərim, qaçma səadətdən! Sitarə Əzizim, qardaşım, rəhm etgilən, bəs zamin oldun; Səni tanrı, unut bu fikri, əl çək bu xəyanətdən! Tapdıq Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında, Mənə yar olmasan hərgiz qurtarmazsan bu afətdən. Musiqi. Sitarə Qardaş, səni tanrı belə girdaridən əl çək, əl çək; Gəl etmə sitəm, bir belə rəftaridən əl çək, əl çək. Tapdıq Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir, Dil tökmə mənə, hiyləyi-bibaridən əl çək, əl çək. Sitarə Sən azma sədaqət yolunu, sevgili qardaş, Rəhm eylə mənə, sən belə azaridən əl çək, əl çək. Tapdıq Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir, Mən xam deyiləm, məkri-şərərbaridən əl çək, əl çək. Sitarə Qardaş bacıya zülm eləyərmi, bu rəvamı? Bəs noldu yəminin? Bu zaridən əl çək, əl çək. Tapdıq Çıxsan göyə, girsən yerə də, yoxdu əlacın, Rahət mənə yar ol, dər-divaridən əl çək, əl çək. Sitarə (Hiylə ilə şüştər üstə) Özüm cəvanə qızam, həm də var sənə meylim; Xuda bilir ki, səni qəlb-safidən sevirəm. Nədir, nə çarə qılım, qorxuram atamdan mən, Çəkər bilən kimi tiğin qilafidən, sevirəm. Tapdıq Atam nədən bilir, əsla o heç güman eləməz; De aşikar: məni sən sevirmisən? Sitarə Sevirəm. Tapdıq Bəs eylə isə gəl ağuşuma qucaqlaşalım. Sitarə, bu sözü doğru deyirmisən? Sitarə Deyirəm. Dayan, o evdə gedim yaxşı rəxti-xab salım; Rizamısan, buna fərman verirmisən? Tapdıq Verirəm! Sitarə (Gedə-gedə təsnif) Aman, yarəb, yetiş imdadə, imdad etgilən, yarəb. Məni çəngali-zalimdən sən azad etgilən, yarəb. Başım üstə durub xain, olubdur canıma zamin; Unutmuş indi peymanın, sən imdad etgilən, yarəb. (Girir içəri, qapını bağlayır) Musiqi. Tapdıq Aç... ç... aç... Musiqi. Aç, aç qapını sənə deyirəm, Yoxsa, yoxsa indi sındırram qapını. Aç... aç... aç... Musiqi. Sitarə Açmaram, açmaram! Əl çək məndən, əl çək məndən! Tapdıq Aç... aç, sındırram qapını, a... ç. Qapını sındırır. Musiqi bərk çalınır. Qız qapıda onu itələyir, musiqinin axırıncı nöqtəsində Tapdıq yıxılır. Qız qapını yenə bağlayır. Pərdə Üçüncü pərdə Tapdıq istədiyinə nail olmadıqda Sitarədən intiqam almaq üçün gedib onun atasına deyir ki, Sitarə əxlaqsızlıq edir, mən ona göz olduğum üçün məni öz adamlarına döydürmüşdür. Hacı, oğlu Ismayılı göndərir ki, Sitarəni öldürüb, məcərini qana bulayaraq gətirsin. Ismayıl bacısı Sitarəni öldürmək üçün meşəyə gətirir. Sitarə (Rast üstə) Qardaş, bu nə yerdi ki, gəldin, bəyan eylə; Bəs hardadı atamla anam, sən əyan eylə! İsmayıl Atan-anan? Dəxi onları bir də görməzsən. Söylə nə işdi sən eyləyibsən, bəyan eylə. Tapdıq deyir ki, başlamısan işrət etməyə, Sən altı aydı xainə xəlqi-cahan ilə. Layiqmi lotular əzələr qardaşın başın, Biçarənin dola başı-əndami qan ilə? Qansız, həyasız, abrusuz, axırın gəlib, Tez kəlməyi-şəhadəti virdi-zəban eylə. Sitarə (Bayatı-şiraz) Qardaş, səni tanrı, belə böhtana inanma; Aldanmagilən hiyləyi-şeytana, inanma. Bica yerə öldürmə məni eyləmə rüsva, Qondarmadı bu, and ola Qurana, inanma. İsmayıl (Təsnif) Yoxdur sənə çarə, heç ağlama: Hökm eyləyib atam qətlin mənə. Indi gərək öldürəm səni mən, Gərəkdir cəza verəm mən sənə. Sitarə Qar...daş, Tapdığın Bi...ca...dır sözü... Xa...in...lik edib, Zülm... etdi özü... İsmayıl Bəsdir, belə dad etməgilən sən, Səni gərək öldürəm bu gün mən. Boyayıb qanınla məcərini, Atamı inandıram onunla. Sitarə Qar...daş, rəhm elə... Ö...ldür...mə məni... Çatdır... atama, Ö...ldür...mə məni... İsmayıl İndi ki, qorxursan, bəs nə üçün Xainliyə iqdam etdin əvvəl? Bilmirdinmi cəza verəcək Axırda sənə cəlladi-əcəl? Sitarə (Şüştər) Öldür, qurtar məni, dəxi mən canə gəlmişəm, Düzlük yolunda xari-zəlilanə gəlmişəm. İsmayıl Gərək səni öldürüm bu gün mən, Olmaz sənə ölümdən bir aman. Atamın hökmünü ata bilmərəm, Ağlama, etmə ürəyimi viran. Sitarə Könlüm bu gün qəza oxuna bir nişanədir, Qəlbim əzən bəlavü-qəmə aşiyanədir. Dövrani-dun sitareyi-bəxtim edib zəbun, Bu macəralərə məni salmaq bəhanədir. İsmayıl (Simai şəms) Düşdü axır, sözlərindən bir yanar od canıma: Mən səni öldürmərəm get, bir də gəlmə yanıma. Məcərin ver, mən onu quş qanıyla əlvan etdim, Tanrı divanın edər, yox hacəti divanıma. İsmayıl örpəyi alıb gedir, Sitarə meşədə yalqız qalır. Meşə yavaş-yavaş qaranlıqlaşır. Sitarə (Bayatı-şiraz üstə tək oxuyur) Bu dəştidə ürəyim, yarəb, ahi-zaridədir; Mənə bu yerdən isə yaxşı yer məzaridədir. Meşə qaranlıq, özüm tək də vəhşi heyvanlar, Ölüm şərabı üç qəlbim intizaridədir. Musiqi. Dənilər, əhli-cəfalar çəkirlər zövqü-səfa, Nədənsə əhli-sədaqət həmişə xaridədir. Cahanda zövq çəkirlər həmişə yudalər, Nədənsə həzrəti isalar övci-daridədir. Olur nəsib gülün şəhdi nişi-zənburə, Nəsibi-bülbüli-zar isə nişi xaridədir. (Yıxılır) Verir ziyasini ol şən xain insana, Və leyki qisməti pərvanənin də naridədir. İlahi, varmıdı çərxin dolanmağında vəfa, Günahilər, demə, od çərxi-kəcmədaridədir. Bir dəstə əsgər daxil olub oxuyurlar. Xor Bu gün şikarə çıxmışıq Yaxşı məkanə gəlmişik; Xəlvət meşə arasında Bir gözəl qız tapmışıq. Təəccüb işdir bu lap Rast gəlmişik biz. Musiqi. Burda insan dolanmayır, Bir zihəyat dayanmayır, Bu qız bura hardan gəlib, Insan onu qanmayır, Burda bir ov durmayır, Biz tapmışıq qız. Mənsur xan (daxil olur) Yaxşı mənə xəbər verin, Gedib ova şikar edin; Burda dəxi dayanmayıb, Kənar olub tez gedin; Burda dəxi durmayıb Kənar olun siz. Əsgərlər gedirlər, Vəz ir gizlənir ağacın altında. Mənsur şikəsteyi-fars üstə kənarə Səhər-səhər nə gözəl bir şikarə uğramışam, Əcəb şikaridir, ey dil, nigarə uğramışam. Təəccüb iş degilmi burda qız görə insan; Çətin bir işdi, təəccüblü karə uğramışam. Gedim hələ soruşum bu sözü özündən bir, Çıxar iş ondan yəqin aşikarə, uğramışam. (Sitarəyə) Gözəl Xanım, nə gəzirsən burada? Söylə görüm haralısan, ay gözəl? Bülbül məskən salmaz, söylə, yuvada, Söylə görüm, haralısan, ay gözəl? Gözəl Xanım, sevimlisən, şanlısan, Hayalısan, işvəlisən, qanlısan, Söylə görüm, kimsən, nə məkanlısan, Hansı dağın maralısan, ay gözəl? Sitarə Soruşma sən mənim məkanım, elim, Xain qardaş mənim soldurub gülüm. Xəzan yeli lap edibdir bülbülüm, Mən haralı, belə yerlər haralı! Gözəl desən, gözəllərin gözüyəm, Həştadıyam, doxsanıyam, yüzüyəm; Adım Sitarə, Hacı Səyyadın qızıyam, Mən haralı, belə yerlər haralı! Mənsur Ey ömrümün nişanəsi, bəxti-səadətim, Mən aşiqəm camalında, yox səbri-taqətim. Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim, Dur gəl gedək, bu qəm yetə bəlkə nəhayətə. Sitarə Naməhrəm ilə bu hərəkətlər rəvamıdır? Getmək səninlə, dərdimə, söylə, dəvamıdır? Lənət bu çərxə, gərdişi kim cabəcamıdır? Bu çərxidən gedim kimə bilməm şikayətə? Mənsur Şərilə ol hərəm mənə... sənə ver riza, gözüm, Rədd etmə, dilbərim, səni tanrı, bu bir sözüm. Gəl, ey gözəl, gedək, aparım mən səni özüm, Yar ol mənə cahanda yetim mən səadətə. Sitarə Dövri-qəza bu dərdə giriftar edib məni, Dərdü bəlavü qəmlə dilavər edib məni; Bəlkə sənə bu dövri-qəza yar edib məni. Bu çərxidən gərək yetə hər kəs kifayətə. Gedirlər. Musiqi. Vəz ir Aldın əlimdən mənim şikarımı, Gör nə cür səndən allam intiqamımı! İntiqam! Intiqam! Intiqam... Pərdə Dördüncü pərdə Məclis Mənsur xanın otağında vaqe olur. Sitarə oğlanları ilə daxil olub söhbət edirlər. (Rast) Əsəd Oxudum dərsimi tamam etdim, Anacan, mən də buna yetsəm... Sitarə (Simai şəms) Çox gözəl, bağımın şükufələri, Oxuyuz, baği-ömrümün bəhəri. Siz mənim qönçeyi-həyatımsız, Siz mənim baisi-nicatımsız. Oxuyuz elm, ta oluz mötad, Olaram mən də qüssədən azad. Əsəd Anacan, bəs Vəz irin oğlu oxur, Nənəsindən gözəl hədiyyə alır. Sitarə Oxuyuz siz də, eyləyiz guşiş, Verərəm mən də sizlərə bəxşiş. Cəfər Anacan, bəs mənim nənəm yoxmu? Sitarə Vardır, oğlum, uzaqdadır. Əsəd Çoxmu? Cəfər Qocamı? Gəlməyir neçin o bizə? Sitarə Gələcəkdir, verər hədiyyə sizə. (Uşaqları o biri otağa salır, özü qapıda oxuyur.) Yenə gəldi xəyalıma, aman, bir odlu həngamə; Yazıldı şiri-çəşmimdə yenə dilsuzi-qəmnamə. Düz on beş ildi ki, düşdüm cida öz Xanı manımdan; Gələ lənət, ilahi, xainə, bu dövri-əyyamə. Yəqinən ölsə də bülbül, gülüstanindən əl çəkməz; Mən ayrılmışdım, amma düşdü bu canım yenə damə Yenə düşdü xəyalıma vətən sevdası, ya rəbbi; Vətən! Sən ey vətən, sən rəxnə saldın səbri-aramə. Düşübdür qəlbi-zarimə vətən sevdası, ya rəbbi; Aman, ya rəbb, yetir bir də məni bu qəmli sevdamə. Mənsur daxil olur. Musiqi. Mənsur Söylə, halın bu gün neçin viran olub, belə görürəm? Söylə, karın bu gün neçin əfqan olub, belə görürəm? Sitarə Dövrani-dun etmiş məni bu dövrani-qəmdə zəbun; Bu çərxi-dun zülm etməkdə tüğyan edəcək, belə görürəm. Mənsur Mən dünyada sağ ikən qoymaram səni qəm çəkəsən; Qəlbin dərdi-möhnəti-qəmdən qan olub, belə görürəm. Sitarə On beş ildir tərk etmişəm mən öz Xanı manımı; Bəxti-zalım aləmdə məni nalan edəcək, belə görürəm. Mənsur (Şüştər üstə) Nə haldır, mələyim bu? Sitarə, qəm çəkmə; Şağam ki, girməmişəm mən məzarə, qəm çəkmə. Nə qədər sağdı canım qoymaram ki, qəm çəkəsən; Səbəb nədir bu qədər ahi-zarə, qəm çəkmə. Sitarə Düşüb xəyalıma seyri-səyahəti vətənin, Necə mən ağlamayım bəxti qarə qəmlərdən? Nə qədər vaxtdır ki, valideynimi görməmişəm, Salıbdı çərx məni bu diyarə qəmlərdən. Mənsur Budurmu bircə qəmin, ey vəfalı cananım? Bu dərdinə edərəm mən də çarə, qəm çəkmə! Tədarük eyləgilən, olgilən bu gün hazır, Rəvan olaq hamımız ol diyarə, qəm çəkmə. (Sitarə gedir, Mənsur tək oxuyur bayatı kürd üstə) Bu yarə yox demək olmaz, rəvamıdır, ey dil? Əgər bu canımı alsa, danışmaram ona, bil. Olubdur könlüm əvvəldən cəmalına mail; Sitarə olmasa, bu gün cahanı istəmərəm. (Tar keçir rasta) Əgərçi çoxdu işim, məmləkətdə var üsyan, Qulam, get de gəlsin Vəz ir həm əyan. Gərək olara edəm məsləhət bu sirri bəyan, Olardan heç bir iş etmək nəhani istəmərəm. Gərək onu aparım mən cəlali-tam ilən; Qabaqca səf çəkə ləşkər, gedə nizam ilən; Gedib atasını görsün bu intizam ilən, Əgərçi tutmaya şir asimanı istəmərəm. Vəz ir altı nəfər əyan ilə daxil olurlar. Xor Mənsur xanın nə fikri vardır bizi cəm etmişdir? Nə işi vardır, fikri nədir ki, bizi çağırmışdır? Məns ur Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm, Bir neçə günlük işim vardır ki, onu tamam edəm. Vəzirlər Fərman səndədir, əziz şahım, sahibi-fərmansən. Şahın yolunda gərəkdir keçmək can ilə təndən. Mənsur Guş eylədim nigarımın ol ahi-zarına, (Vəz ir diksinir.) İstər bu gün gedə atasının diyarına. Mən də gərək onu aparım bir cəlal ilən, Çün razı olmaram onun heç intizarına. Vəz ir Zənnim budur, kənara əgər qoysanız qədəm. Ölkə xərab olub, olar viran dəmbədəm. Mənsur (Təsnif) Ey Vəz ir, axtar, bəs, bir çarə tap, Qoyma sən məni böylə biəlac. De... de mənə bəs bir çarə, Etmə məni sən bitab. Axtar, çarə tap, oldum mən bitab. Qoyma bu dərdi dərmanə möhtac. Xor Yoxdur, ey xan, bu dərdə bir çarə, Sən getsən dövlət qalar avarə; Getmə sən, ey xan, özgə diyarə. Mənsur Tez, hər nə cür olursa, siz tez Tapın buna çarə, siz. Xor Səndədir fərman, çarə yox, qurban, Bu dərdə yoxdur özgə dərman. Yoxdur, ey xan, bu dərdə bir çarə. Sən getsən dövlət qalar avarə; Getmə sən, ey xan, özgə diyarə, Vəz ir Xan, bu dərd olub dərmansız, Tərpənməyin burdan siz. Xor Səndədir fərman, çarə yox, qurban, Bu dərdə yoxdur heç bir dərman. Mənsur Düz gəlmədi işim vüzəradən, nə etməli? Üz döndərir hamısı rizadən, nə etməli? Fikr eylədim aparram onu təmtəraq ilən. Ümid şəmi söndü qəzadən, nə etməli? (Vəz irlərə) Çarə tapın bu dərdimə, ta olmayım zəbun. Olsun xilas o şux-nəvadən, nə etməli? Birəyan Olmazmı, zat ali ki, getsin Vəz ir ilə, Bir foc ləşkər ilə buradən, nə etməli? Mənsur Bu fikir yaxşı fikirdir, söz batdı beynimə, Hərgiz uzaq deyil bu rəvadən, nə etməli? On səkkiz ildi bu atalıq eyləmiş mənə, Dur olmamışdır sidqi-vəfadən, nə etməli? Vəz ir, eyləmə təxir, olginən hazır, Özün bir bölük əsgər götür, sən ol nazir. Cavahir ilə tamamən bəzə kəcavələri, Ver əmr yolda ki, çalsınlar təbli-nayiləri. Tamam yolları doldur da gülü raq ilə, Apar əzizimi həşmətli təmtəraq ilə. Vəz ir (Təsnif, kənara) Əzəl şikar eləmişdim o mahi parəni mən, Və leyki zor ilə aldın onu əlimdən sən. Düz on beş ildi ki, hicr atəşi yaxır canım, Yetişdi indi də fürsət ki, mən alım kamım. Xor Çarə tapıldı bu dərdə, qalmadı arzun yerdə. Çox yaşa sən, ey sərkərdə, çox yaşa, çox yaşa, çox yaşa. Mənsur xan, sən ədalətli bir xan! Mənsu rdan savay hamı gedir. Sitarə daxil olur. Mənsur Müyəssər olmadı, əfsus, kim mənə getmək, Heç olmayır, dəxi yox çarə, sevgilim, nə etmək? Gedir səninlə Vəz irimlə bir bölük əsgər, Mən əmr eləmişəm indicə kəcavə gələr. Sitarə (Simai şəms üstə) Qoymaram, Mənsur, mən sənsiz kənara bir qədəm, Mən ki, dünyanın qəmi-dərdi-qubarın görmüşəm. Getmərəm biganələrlə bir qədəm sən getməsən, Mən ki, əğyarın təmamən etibarın görmüşəm. Mənsur Etmə sən bica xəyalı, olma məhzun, etmə ah, Bu Vəz irin çox zamandır sidqi-karın görmüşəm. Sitarə Getmərəm sənsiz, gülüm, salma məni səhralara, Mən bəla səhrasının qış, həm baharın görmüşəm. Gəzmişəm səhrayi-eşqi həm bəla səhrasını, Həm xəyanət vadisinin hər diyarın görmüşəm. Görmüşəm qardaşların xahərlərə əl açmasın, Hamının dünyada mən namusi-arın görmüşəm. Mənsur Sevgilim, bicadi fikrin, at əbəs xülyaları, Mən Vəz irin doğruluq, həm etibarın görmüşəm... Sitarə Gəl, gedək, Mənsur, sən də, yoxdur hicrə taqətim, Mən şəbi-hicranın qəlbi-dağidarın görmüşəm. Mənsur Hövlə xofimdən mənim uçmaz havada murğlər, Qaf dağında girib pünhan olub simurğlər. Pərdə düşür, tez qalxır, Sitarə, Mənsu rvə uşaqlar düzülüblər. Vəz ir (Daxil olur) Hamı hazırdı, qurban, bəndəyi fərmanınam indi, Nədir fərmani-ali, hökm qıl, qurbanınam indi. Əsgərlər daxil olub oxuyurlar. Xor Çox yaşa, sən ey Mənsur xan, Tabe olsun sənə cahan! Allah sənə versin aman, Çox yaşa, çox yaşa, çox yaşa, Mənsur xan! Sitarə Halal qıl mənə, ey mehriban, mən gedirəm, Olubdur qafileyi-qəm rəvan mən gedirəm. Yoxumdu hicrinə taqət, nə çarə qılmalıyam, Halal qıl ki, gedir karvan, mən gedirəm. Mənsur Gedin, əzizlərim, yarımın vilayətinə; Səni ki, tapşırıram xalıqın əmanətinə. (Öpüşürlər) Xor Gedək, gedək biz, vaxt olur, təbl-ney-şeypur çalınır, Yaşasın Xanı mız Mənsur, çox yaşa, çox yaşa, çox yaşa, Mənsurxan sən ədalətli bir xansan! (Gedirlər.) Pərdə Beşinci pərdə Yoldur. Sitarəçadırda öz uşaqlarına layla çalır, Vəz ir də kənarda durub qulaq asır. Sitarə Layla dedim, yatasız, Qızılgülə batasız, Qızılgül yorğan olsun, Içində siz yatasız. Lay-la gələr ellərdən, Seçilməzsiz güllərdən, Allah sizi saxlasın Yaman-yaman dillərdən... Vəz ir Qəlbim tələsir bir mahi-rəxşanidən ötrü, Ol qaşı kaman, nizəli müjganidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... Ol yarı basım sinəmə, kamim alım ondan, Bu bir gecə bir qətrədi ümmanidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... Çəksə məni Mənsur əgər zirveyi-darə, Mən qorxmam əsla bu qoca canidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... (Rast üstə) Etmək gərək şüru bu karə yavaş-yavaş, Bir yar üçün çıxdım da şikarə yavaş-yavaş. Məlum ki, yatıbdı hamı, yoxdu bir səda, Bir çadıra edimmi nəzarə yavaş-yavaş? Yatmış hamı, dəxi mənə mümkündür hər bir iş, Indi girim sərayi-nigarə yavaş-yavaş. Vəz ir içəri girib uşaqların qolunu bağlayır... Bağlandı bunların qolu, indi onun qolun Bərk bağlamaq gərəkdir yavaş-yavaş... Sitarə Çəkil... ədna... əl çək! Vəz ir Qaçma, qaçma, qaçma, qaçma dayan! Qaça ki, bilməzsən əlimdən. Qaçma, qaçma, qaçma, qaçma dayan! Axır ki, tutaram səni mən. Sitarə qaçıb bir ağaca çıxır. Kürd-şahnaz üstə oxuyur. Sitarə Göründü bir də xəyanət xəyanət üstündən, Varımdı leyki dəyanət dəyanət üstündən. Olub xəyanət əlilə bu qəlbi-zarım zar, Rəqibi-bülbül olur gülşən içrə daim xar. Belə bir həyatdan hərgiz mənə gözəldi məzar, Nədir bu qədri xəyanət xəyanət üstündən?!. Dəhşətli musiqi. Vəz ir Gəl düş, gəl düş, gəl düş, Səni yoxsa zor ilə sallam. Sitarə Düşmərəm bil, Məni incitmə bir belə sən. Vəz ir Tapdım əvvəl... səni... Sonra aldı Mənsur əlimdən. İndi gərək... alım... Bu gecə mən kamımı səndən. Sitarə Əl götür... əl götür bir... Məni incitmə bir belə sən. Vəz ir Hərgah, dursan... orda... Gətirib öldürərəm oğlunu. Sitarə Rəhm qıl... rəhm qıl... sən, Məni sən odlara yandırma. Vəz ir gedir, oğlunu gətirir. Vəz ir İndi... indi... oğlun... Verəcəkdir can qabağında. Aşağı düş sevirsən onu. Uşağı yerə yıxır Sitarə Ey pir... rəhm et... sən... Balamı et əlindən azad, Məni zarın qəlbini et şad. Vəz ir Bəsdir... bəsdir... Əsəd Ana!.. Ana!.. Sitarə Oğlum!.. Oğlum!.. Əsəd Qoyma... qoyma məni öldürür... Vəz ir Bəsdir... bu qədər guftigu etdiz siz, Gəl düş... yoxsa... indi Kəsərəm oğluvun başını. Sitarə Rəhm et!.. Rəhm et!.. Vəz ir Bəsdir... bəsdir... bəsdir! Əsəd Ah... ana... Vəz ir kəsir. Vəz ir Necə gör bir oğlun can verir? Sitarə Oğlum!.. Oğlum!.. O...ğlu...m! Vəz ir Gəl düş... yoxsa... indi... Getdim o biri oğlunçun. Sitarə Oğlum!.. Oğlum!.. O...ğlu...m! Cəfər Ana, gəl düş yerə! Vəz ir (Cəfərə) Bir bax, burda... ölmüş, Ölmüş sənin... qardaşın. (Sitarəyə) Hərgah düşməsən sən, Kəsdim bunun da başın. Sitarə Rəhm et, bari, əl çək! Onu bağışla! Vəz ir Gəl düş, yoxsa... indi... Cəfər Ana... a...na!.. Vəz ir Öldürdüm... mən... bunu da. Musiqi. Sitarə qəşş edib yıxılır. Nə işdir... nə işdir... nə işdir Etdim... etdim mən belə? Bəs getdim... birtəhər... birtəhər Xəbər... verim... qoşuna! Gedir. Sitarə oyanır. Sitarə Lay-la dedim yatasız, Qızılgülə batasız, Qızılgül yorğan olsun, İçində siz yatasız. Xor Heç belə zülm olmaz insanə, Biçarə qız olub divanə. Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını, Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını. Biçarə olubdur divanə, Heç belə zülm olmaz insanə. Biz gedib xəbər verək xanə, Biçarə qız olub divanə. Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını, Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını. Sitarə (Bayatı-şiraz üstə) Fələk saldı məni pərvanətək dilsuz olan narə, Nəsib etdi həyatım gülşənini pəncəyi-xarə. Cünun etdi qəza bağlandı zənciri-qəmə canım, Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə. Nədir hikmət, qəza dövründə, yarəb, raz edir büdət, Edir qismət iki dilparəni şəmşiri-xunxarə? (Kürd-şahnaz) Ya rəbbi, nədir bu duni canı Etdi iki növrəstəmi fani? Dövran dili-zarım etdi rəncur, Etdi iki növrəstəmi fani? Bir dərd ki, gəlməyir gümanə, Qismət mənə etdi bu zəmanə. Pərdə Altıncı pərdə Hacı Səyyadın evi. Hacı Gecə yatıb, yuxuda görmüşəm Sitarəni mən, Gəlib deyir ki, ata, razı olmaram səndən. Əlində vardı iki şəm, çox işıqlı odu, Qəza vurub vəli ol nuri-şəmi söndürdü. Düz on beş ildi ki, ölmüş Sitarə biçarə, Vurub onun ölümü qəlbimə dərin yarə. Vəfası yox bu qəzanın həmişə kəc rəftar. Əlimlə etdim öz övladımı bəlayə düçar. Mənim qızım elə ədnalıq etməz idi əyan, Yəqin bu Tapdıq ona eyləyir bütün böhtan. Səfər Borcumdu sizə xəbər vermək, Bir kəndli dilər ağanı görmək. Hacı Ehzar elə onları buraya, Məlum ola sözləri ağaya. Çoban Ağa, bu oğlumu lazım isə sən Qəbul eylə nökər olmağa məndən. Özü hər iş bilir, çox da zirəkdir, Çalışqanlıqda misli yoxdur, təkdir. Hacı (kənara) Mənə onsuz da lazım idi mehtər, Nə qədər istəyir məndən bu nökər? Çoban Bir ildə on manat, səndən yeməyi. Hacı (kənara) Ucuzdur, lap olubdur dəmdəməki. Zərər yoxdur, qəbul etdim onu mən. Çoban Qabaqca bir qədər ver, Hacı, puldan. Hacı Ala, bu on manat, lazımsa hərgah. Çoban Bunun var tutması hərdəm, ol agah. Sağ olsun Hacı, yetsin hər məramə, Yetişsin, var ikən bu dövrü, kamə. Gedir. Sitarə nökər cildinə girib öz atasının evində qulluq edir. Atası onu tanımır. Bir müddətdən sonra Mənsur xan Hacı Səyyada qonaq gəlir. Nökər Gəlib bizə, ağa, bir şəxs, adı Mənsur xan, Dilər: gəlib bura, olsun bir gün bizə mehman. Hacı Ey sahibi-şən, əhli-qüdrət, Etdiz məni şad, əhli-izzət. Çox şükür məni edibsiz yad, Bu gəlməyə oldum indi mən şad. Mənsur Çox razıyıq, ey vahidi-dövran, Ey qədrşünas, qədrmehman, Qəlbin ola daima sənin şad, Olsun bu evin həmişə abad. (Çay gəlir.) Sitarə (Səhnənin dalından) Çərxi-fələk bu dövrdə Etmədi mənimlə rəftar, Saldı məni yüz möhnətə, Min bəlayə etdi düçar. Hacı Dün bircə nəfər həqir dehqan Gəldim bura, etdi ah-fəğan; Oğlun mənə verdi onda nökər, Etdim onu mən özümə nökər. Daim, vəli ağlayıb edir şur, Bir qədər olubdur ağıldan dur. Sitarə Yaxıldı odlara canım, möhnət aldı tavanımı. Zülmü zalım zəmanədə kəsdi mənim amanımı. Mənsur Bu səs, yəqin ki, ey dil, Sitarəmin səsidir, Bu səs havadan enən mehparəmin səsidir. Bu nəğməni də həmişə Sitarə söylərdi, İki balası ölən bəxti qarəmin səsidir. Sitarə Zalım xain zülm eləyib rəhm etmədi bu halıma, İki nazlı balalarım çəkildi tiği-zalıma. Mənsur Bu naləyə eylədikcə mən guş, Əhvalımı etdi xeyli məxşuş. Hökm et ki, gəlib o şəxsi məhzun Bir qədər bizə tərənnüm etsin. Ata, cəzb etdi bu səs məni sərasər, Əhvalımı etdi zarü-müztər. Hacı Ey sahibi şən cahi-şövkət, Divanədir, onda var nə hacət! Rəhmim gəlir, etmirəm onu dur, Layiq deyil o bu bəzmə, məzur. Mənsur Hər kimdi, düşübdür min bəlayə, Möhnət gətirir onu nəvayə; Incitmiş onu bu taleyi-şum, Etmə bizi söhbətinə məhrum. (Durub çağırır. Rast üstə oxuyur.) Ey şəxs zəbun, qəlbi naşad, Söylə nədi bunca dad-fəryad? Kim oldu səbəb bu ahü zarə? Kimsən, nəçisən, çıx aşikarə! Sitarə Eşitmişəm belə ustadımın zəbanından, Mən indi söylüyürəm xalq arayilən doludur. Deyim sizə sözümü guş-huşilən eşidiz: Mənim bu zar ürəyim macərayilən doludur. (Təsnif) Sizə ərz eyləyim əziz ağalar, Adil ağalarım, ediz divanım. Qəlbimə vurulmuş dərin yaralar, Adil ağalarım, ediz divanım. Bir gül idim bürünmüşdüm hasara, Fələk vurdu saldı qürbət diyara, HacıSəyyad qızıyam, adım Sitarə, Adil ağalarım, ediz divanım. (Yaxasını açıb çuxasını çıxarır.) Hacı Bu mənim bəs qızım imiş, bəs bunu mən ölmüş bilirdim. İsmayıl Doğrudur, mən rəhmim gəldi, azad edib öldürmədim. Sitarə Xain qardaş zülm elədi mən zarə, Qoydu məni bu aləmdə avarə, Qaldım səhralar içrə mən biçarə, Adil ağalarım, ediz divanım. Vəz ir həm öz xainliyin bildirdi, Qovub məni çinar üstə mindirdi, Axır zalım cüt balamı öldürdü, Adil ağalarım, ediz divanım. Gəldi zülmdən cana, oldum axır divanə, divanə... Vəz ir Görürsüz bu bir divanə, qoy rədd olsun getsin burdan Sitarə Hara gedim məni-naşad, oğlumu sən öldürmüşsən... Hacı Qızımı sən incitmişsən? Öldürüz bunu, kəsin başını. Vəz ir Onu əvvəl sevmişdim mən, Düşmədi yerə, öldürdüm oğlun. Öldürdüm mən, öldürdüm mən, öldürüz məni, alız intiqam. Sitarə Ah, zalım Vəz ir, necə qıydın balalarım öldürdün? On iki il zəhmət çəkib gül təki oğul bəslədim, şəm çırağım söndürdün? Gecələr mən sübhə kimi layla deyib səslədim, Axır namus yolunda başlarını kəs dedim. Zalım Vəz ir, necə qıydın balalarım öldürdün, şəm çırağım söndürdün? Vəz ir Doğrudur, doğrudur, doğrudur, Oğluvu zülm ilə qətl eylədim. Öldürdüm, öldürdüm, öldürdüm, Oğluvu qanlara qərq eylədim, Öldürüz siz məni, öldürüz, Siz də cəzasın veriz mənə. Mənsur Ey xəbis, ey xain, ey ləin, Tez aparıb bunu qətl eyləyin! Qoy cəzasın ala, qətl ola, Qoy görsün öz işinin səmərin, Nuş eyləsin mövtun zəhərin. Vəz iri aparırlar. Pərdə * * * Şahsənəm Şahsənəm 4 pərdəli 5 şəkilli opera İştirak edənlər Bəhrambəy – feodal Şahsənəm – onun qızı Ağcaqız – onun rəfiqəsi Aşıq Qərib – aşıq Xanı – Aşıq Qəribin anası Şahvələd – feodal HacıƏhməd – Aşıq Qəribin dostu Güloğlan – Şahvələ din baş nökəri Həsən }aşıqlar Səməd Xan Carçı Kəndli Azançı Birinci pərdə Bəhram bəyin həyəti. Qızlar tikiş tikir və oxuyurlar. Xor Gözəl bahar eyləmiş bütün həyati dilbər; Günəş gülür, şənlənir çəmən, səfalı hər yer. Hər tərəf əlvan, hər yer əlvan, çəməndə lalə; Can alır hər gün, şad olur bülbül, gülür bu halə. Gəlin kimi şənlənib çəmən, çoxdur səfası; Uzaq, uzaq bir güldən gəlir bülbül sədası. Şahsənəm Nə var, qızlar, belə gözəl və şənsiz? Xor Gəl, Şahsənəm, bağça ölgündür, sənsiz. Şahsənəm Gözəllər bağında bir gözəl gördüm, Eşqinə bağlandım, könlümü verdim. Məni bir baxışla eşq oduna saldı o, getdi; Məni bir baxışla eşq oduna saldı o, getdi. Ala gözlərində eşqi gülümsər; Yerişi can alan, gülüşü dilbər. Məni bir baxışla eşq oduna saldı o, getdi; Məni bir baxışla eşq oduna saldı o, getdi; Xor Ulduzlarıq, biz, qızlarıq, günəşimiz Şahsənəm. Oxşayıb onu könüldən, onu hər gün öpərik. Biz çox dilbər, incə güllər, gül qönçəmiz Şahsənəm. Özümüz gül, sözümüz gül, çöllərə biz gül səpərik. Oxşayıb onu könüldən, onu hər gün biz öpərik. Şahsənəm Mən gördüm şən bir gül, verdim könül; Onun eşqində ən yanar oldum mən; Nə imiş sevda qanar oldum mən. Mən onu araram, alışar, yanaram. Nə imiş sevda qanaram, qanaram. Məndə daha yox bir aram, yox bir aram. Dərdli ürək gülmək nədir, bilməyir. Çalın, qızlar, qaçsın dərdim, yoxsa çoxdan gülməyir. Rəqslər. Aşıq Qəribin səsi gəlir. A ş ıq Qər ib Bir gül sevdim çəməndə, Soldu yellər əsəndə. Eyləyir nalə Qəlbim bu halə, Yaş tökər bülbül, Inləyir lalə. Ayrı saldılar yarı yardan. Şahsənəm Ah, bu odur, o oğlandır, Ağca qız! Ağca qız Oğlan kimdir, hansı oğlan, söylə, qız? Şahsənəm Könlüm bir anda yetimlər kimi Qayğılardan inlədi, gedin qızlar! Xor Nə var, nə oldu sənə ay qız? Şahsənəm Gedin, məni təkcə buraxınız! Xor Gəlin, qızlar gəlin gedək! Özümüz gül, sözümüz gül, Çöllərə biz gül səpirik! Xor gedir, Aşıq Qərib gəlir. Şahsənəm Aman, Qərib, nəyə gəldin, atam görsə öldürər. Dayanma, tez get, düşmən var sağ-solunda. Aşıq Qərib Məndə artıq taqət yoxdur, Şahsənəm! Bir canım var, qurban olsun yolunda. Gecə boyu mən yatmayıram, Rahatım yox gündüzləri. Gözüm ağlar, bu könlüm ağlar, Sənsiz susmaz, dərdim artar. Şahsənəm Sənsiz dünya qara bir məzar, Hara baxsam, dərdim artar. Sənin oynaq o telli sazın. Dinər, qəlbim istər oynasın. Aşıq Qərib Sənsiz mənə qaradır ay, gün; Sənsiz dünya qoy məhv olsun. Şahsənəm Sənin oynaq o telli sazın Çalacaq, qəlbin istər oynasın. Aşıq Qərib Könlüm bir saz, sənsiz çalmaz. Şux bir qartal qanadı yox. Dinlə bir gözüm, dil fəryadın. İnlər, inlər, dəvası yox, Şahsənəm Aman, Qərib, aman Qərib, Sən oxucaq, sanki gülər yaz. Aşıq Qərib Qayğı getsin, açılsın qoy yaz. Şahsənəm Oxu, aşıq, gülsün qoy dağlar, Gülsün meşələr, bağlar. A ş ıq Qər ib Dillənsin tel, söylənsin saz, Dünya zövq alsın, Qara telli, qara gözlü, eşqi can alan yar; Aşıqları baş qurtarmaz bir sevdaya salan yar! Şahsənəm Aman, Qərib! Aşıq Qərib Günün oynaq, əlvan telli, Yazın açan ilk gülü. Şahsənəm İnlət o dörd oynaq teli, Çalsın saz, gülsün yaz. Bu sevdanı anlar o, Söylətdir, dərdini yaz. Aşıq Qərib Səni öpər, səni oxşar. Şahsənəm Sən bir solmaz, incə yarpaq bağçasısan, bağısan. Mən bir sevda sərməstiyəm, badəsi sən, saqi sən. Aşıq Qərib Mən bilməzdim sevda nədir, sən ey yar, anlatdın. Şahsənəm Gülməz yenə könlüm əsla sənsiz mənə cənnət olsa dünya. A ş ıq Qər ib Mən bilməzdim dünya nədir, sən, ey yar, öyrətdin. Şahsənəm Səndən ayrılmaram hərgah sənsiz cənnət olsa dünya! Gülmərəm yüz min bahar olsa, aman, Qərib! Aşıq Qərib Gülmərəm yüz min bahar olsa Şahsənəm Aman, Qərib! Aman, Qərib! AşıqQər ib Ay Şahsənəm! Şahsənəm Günün oynaq, əlvan telli, yazın açan ilk gülü Daim səni oxşar, oxşar. Aşıq Qərib Daim səni oxşar, oxşar. Bəhram bəy gəlir. Bəhram bəy Ey, sən, söylə kimsən, hansı koldan uçansan? Haralısan, sözün nədir, hansı tordan qaçansan? Aşıq Qərib Bir qartalam, öz sevgimdən qanad alıb uçmuşam; Bir bülbüləm, yar ardınca qəfəsimdən qaçmışam. Bəhram bəy Yad bir evdə nə istərsən? Aşıq Qərib Mən dedim ki, bir bülbüləm, yeni qanad açmışam. Sən anla ki, yar yolunda candan, vardan keçmişəm. Bəhram bəy Gözlə bu sözlərin nəticəsini görərsən! Aşıq Qərib Yar yolunda mən hər dərdə hazıram! Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər; Eşitmişdim ölməz yarın dodağını əmənlər. Eşqə düşdüm, candan keçdim, ərənlər, ay ərənlər! Indi mən bir nazlı yarın sorağına gəlmişəm. Bir ovçuyam, ya ölləm, ov qaçırtsam əlimdən. Bir igidəm, bir gözəlin oylağına gəlmişəm; Oylağına, oylağına gəlmişəm. Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər; Eşitmişdim ölməz yarın dodağını əmənlər. AŞahsənəm! Bəhram bəy Uşaqlar, ey igidlər! Qapıları bağlayın! Bunu tutub saxlayın! Kəndir ilə bağlayın! Aşıq Qərib Mənim qolum dəmirdəndir, Kəndir məni bağlamaz! Bəhram bəy Tutun bunu, əl-ayağın bağlayın! Dustaq edin, qaranlıqda saxlayın! Get, get, oğlan, boş danışma! Mənim qızım adsız-sansız adamlara tay deyil. Mənim adım, sanım vardır; Qızım hər bir dilənçiyə veriləcək pay deyil! Məndən bir söz almaq üçün ətəklərlə qızıl-gümüş səpirlər. Bəylər, xanlar gündə mənim ayağımı öpürlər. Sənin kimi yoxsul bir gədaya qız versəm, mənə gülərlər. Get, get, oğlan, boş danışma! Mənim qızım adsız-sansız adamlara tay deyil! Get! Görünməz olur. Onun əmrilə Aşıq Qəribi zirzəmiyə salırlar. Yenidən Xor gəlir. Xor Şahvələ din adı düşüb dillərə; Adı, sanı onun bəlli ellərə. Malı çox, dərdi yox, Bütün aləmə məşhur. Bir zaman olmuşdu qızın leylacı; Şahsənəm qoy olsun başının tacı. Göz görüb, bənd olub, olubdur qıza məftun. Şahsənəm Gedin, qızlar, belə sözlər uşaqları qandırar. Siz bilməzsiz sevda oddur, ürəkləri yandırar. Dalğa kimi dərdim coşub dönmüş bir ümmana: Qəmli könül dözə bilməz belə ağır hicrana. Aşıq Qərib Aman, sənsən, Şahsənəm, niyə gəldin? Atan görsə, öldürər. Şahsənəm Get, get, artıq həyat sonu bildirər. Aşıq Qərib Getmək? Ancaq hara getmək? Mən ki, səni izlərəm. Şahsənəm Mən atama yalvararam, yeddi il də gözlərəm. Ya səninlə dərd çəkərəm, ya səninlə gülərəm. Bil, Qəribim, gəlməz olsan ən son gündə ölərəm. Aşıq Qərib Sənə bağlı mənim həyatım; belə imiş taleyimiz. Uzun illər gün sürməliyik bir-birindən ayrı biz. Qəribkən bir də qərib oldum; Uzaq ellər olar yurdum. Mən yeddi il bütün dünyanı dolanaram. Gələrəm, səndən ayrı qalmaram. Sağ qayıtsam, səni alaram; Bizi dünya ayırmaz, bil! Dünya gəlsə, səndən dönmərəm! Məni gözlə, gözəl yarım! Sağ qalarsam, dönüb gələrəm; Məni tutmaz dağlar. Şahsənəm Aman, Qərib, səni gözlərəm. Get yoluna güllər dola. Aşıq Qərib Gəl, son gündür, halallaşaq biz; Qayıtmasam, gözəl, halal et! Al! bu məndən sənə yadigar! Xatırla sən, unutma məni, gözəl yar! Qoy görüm üzünü, aman hicran, ah, aman hicran! Sən, sən ey odlu hicran, aşiqə yox səndən aman. Ağlar gülsüz, ağlar bülbül, ağlar yar, səndən əl-aman! Həsrət olmaq illərlə yarə, Uzaq ellərdə avarə. Şahsənəm Qanad çal, uç bülbül, olsun yad ellər sənə bir aşiyan! Ağlayaram, şad olmaram, sənsiz gün verməz bil mənə asiman, Qanad çal, uç, bülbül, qoy yasa batsın aləm! Ağlayaram, şad olmaram, qoy toylar olsun matəm! Aşıq Qərib Gülməz mənə sənsiz zaman; sənsiz məhv olsun qoy cahan! İllər, aylar sovuşar, keçər, gəlləm, əcəl versə aman! Şahsənəm Aman hicran! A ş ıq Qər ib Aman hicran! Canyaxan hicran! Şahsənəm Düşmən eşqə hər bir zaman. Aman hicran! Aman hicran! Aşıq Qərib Gözlə, nigar, Yeddi bahar. Bitsin bu fəryad, Eşq olsun azad. Şahsənəm Durma, artıq atam, anam gələrlər; Aman, Qərib, bizi burda görərlər. Atam bilsə, yəqin bu, son günümdür; Get, Qəribim, yoxsa bu iş ölümdür! Aşıq Qərib görünməz olur. Bəhram bəy yenidən gəlir. Şahsənə min Aşıq Qəribi azad etdiyini bilincə, qəzəblənir və qızını cəzalandıracağı ilə təhdid edir. İkinci pərdə Birinci şəkil Sakit axan bir çayın kənarı. Yaydır. Bərk istidir. Aşıq Qərib yorğun-arğın gəlir. Aşıq Qərib Sevdiyimdən ayrı düşdüm sonsuz sevda yoluna, İllər keçdi, axır gəldim, çatdım Iran elinə. Ay ağalar, bu dünyada dərdli könül nə gördü? Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı. Başda sevda, əldə sazım dolaşaram elləri. Yarın oynaq, şux telləri, sevda birdir, söz bir, iman bir. Sən ey süzgün bir eşqə həyat açan mələk! Sən ey qara bir bəxtə işıq saçan çiçək! Dərdli sazım eşqinlə daim səni, səni oxşar. Ruhum bədəndə varkən, sənsən məalı. Yüz min ömrə vermərəm bir gün vüsalı. Səndən ayrılmaq böyük bir bəla, ay Şahsənəm! Şahsənəm, sevimli! Ay ağalar, bu dünyada dərdli könül nə gördü? Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı. Başda sevda, əldə sazım dolaşaram elləri. Yarım, oynaq, şux telləri, dolaşaram elləri. Başda sevda, əldə sazım dolaşaram elləri. Köynəyini çıxarıb, çaya tərəf yollanır. Bu zaman Güloğlan gəlir və Aşıq Qəribin köynəyini götürüb aparır. İkinci şəkil Təbrizdə böyük karvansara. Bazar günüdür. Səs-küy. Xor Hər açıq bazar, Hər bir şey var. Gəlsin alanlar, Varı olanlar! Təbrizdə hər şey var. Alın, alanlar, Pulu olanlar! Armud, alma, nar, Səbzə, xurma var. Bişmiş noxud var. Yaxşı qarpız var. Gəl, tez gəl apar! Gəl, gəl, var xurma. Bax, bax, əl vurma! Ləbləbi var a! Gəl, gəl, apar a! Sərin sular var. Gəl, tez gəl! Ye, qurtar! Var sərin qarpız, Sanki buzdur, buz. Pulun var, gəl apar! Içdən al qarpız! Kəs, bax, sonra al! Gəl, tər xiyar var! Diş vursan, bal axar. Açıqdır şən bazar, Gəl apar, gəl apar! Hər bir şey var; Gəlsin alanlar, Pulu olanlar! Rəqslər. Xor Gəlin, gəlin, toy var saray önündə; Hər bir qonaq bir aşıqla gəlmişdir. Deyişəcək iki mötəbər aşıq; Saray bağı izdihamla dolmuşdur. Carçı Bu qızıldır, bu xələti Nigar Xanım göndərmiş; Bu almazdır, görməmişdir heç bir tac bu ziynəti. Meydan açıq, kim qabildir, kim aşıqdır dillənsin! Kim aparsa, o alacaq bu bahalı xələti. Aşıq Həsən Səndən xəbər alım, mötəbər aşıq, O nədir ki, ölçüsü var, sanı yox? O nədir ki, hava görcək boğular? O nədir ki, doğar, törər, canı yox? A ş ıq Səməd Sənə xəbər verim, mötəbər aşıq! O, kirpikdir, ölçüsü var, sanı yox. O, balıqdır, hava görcək boğular. O sədəfdir, doğar, törər, canı yox. Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, səsi çıxmaz, danışar? O nədir ki, uçar qanad çalmadan? O nədir ki, od dəyməmiş alışar? A ş ıq Həsən Sənə xəbər verim, mötəbər aşıq! O, kitabdır, səsi çıxmaz, danışar. O, aydır ki, uçar qanad çalmadan. O, sevdadır, od dəyməmiş alışar. Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, hər bir şeydən ucadır? O nədir ki, adı vardır, özü yox? O nədir ki, hər bir şeydən qocadır? A ş ıq Səməd Mən bilmədim, aşıq, özün cavab ver! A ş ıq Həs ən Kim istərsə, gəlsin, meydan açıqdır! Qoca olsun, cavan olsun, fərqi yox; Mən soruşum, cavab versin, o soruşsun, mən deyim, İstər sözü min pərdədə nihan olsun, fərqi yox. A ş ıq Qərib İzn verin hər nə deyir, cavabını mən verim! Xor Otur, canım, axmaq olma, ona kimsə irişməz! O aşıqdır, sən bir çoban, otur, ona güc düşməz! Aşıq Qərib Mən verərəm cavabını, açıq meydan qoy gəlsin! Qoyun gəlsin, mərd istərəm bu meydanda söz desin! Sənə xəbər verim, mötəbər aşıq! O, sevdadır, hər bir şeydən ucadır. Ədalətdir, adı vardır, özü yox. O, günəşdir, hər bir şeydən qocadır. Xor Sağ ol, aşıq, yaşa, yaşa! AşıqQər ib Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, candan baha alınar? O nədir ki, yanğın salar, odu yox? O nədir ki, bir baxışla çalınar? A ş ıq Həsən Mən bilmədim, oğlan, özün cavab ver. Xor Qərib oğlan, göstər özün, cavab ver! A ş ıq Qər ib Sənə xəbər verim, mötəbər aşıq! Yar vəslidir, candan baha alınar. O, sevdadır, yanğın salar, odu yox. Ürək sazı bir baxışla çalınar. Xor Sağ ol, sağ ol, heç gözlənməz bu zəka bu görüşdən; Saf sənindir, saf sənindir, qalib çıxdın vuruşdan. Xan Axmaq tayfa, çığırmaqdan heç bir yara sağalmaz! Hər bir yetən gəldi-gedər şah qızından saf almaz! Xor Saf onundur, saf onundur, haqqın desin Xanı mız. Yaşa, aşıq, sağ ol, aşıq, yaşa, aşıq, çox yaşa! Xan Şah qızının cavahiri el döşünə sərilməz! “Ədalət yox” deyənlərə burda ənam verilməz! Öz adamları ilə birlikdə gedir. HacıƏhməd gəlir. Aşıq Qərib Söylə, nə var, qoca? HacıƏhməd Dinlə, oğlan! Sən söylədin ki, sevda hər bir şeydən ucadır: Yar vəsli candan baha alınar. Öylə isə qaç, öz yarını xilas et tez! Aşıq Qərib Nə olmuş? HacıƏhməd Dinlə, Qərib sən almadın bu gün xələti. Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti. Uzaq bir eldə hər gün səni bil ki, vardır gözləyənlər. Gözləri yolda qalan var. Toy olacaq bu günlərdə; Qız düşər dərdə. Sən tez getsən, o qalacaq; Sən getməsən, bil, öləcək, Yeni gül kimi solacaq. Toy olacaq bu gün-sabah; O olur təbah O qız hər gün gözləyir; Onu fəlakət izləyir. Getməz olsan, solacaq; Sənə qurban olacaq. Dinlə, Qərib, sən almadın bu gün xələti; Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti. Uzaq bir eldə hər gün səni, bil ki, vardır gözləyənlər. Gözləri yolda qalan var. Toy olacaq bu günlərdə; Qız düşər dərdə. Gözlər, səni gözlər, səni gözlər. Sən tez getsən, o qalacaq. Sən getməsən, bil öləcək. Toy olacaq bu gün-sabah, Şahsənəm gedir. A ş ıq Q ə rib Getmək gərək! Olmasın xan xələti. Qurban yara dünya dövləti. Xor Hara, hara? Dayan, bir az! Hara, aşıq, gedirsən, söylə! Nə var, nə olmuşdur? Dayan bir az! AşıqQə rib Ona! Xor Ona? AşIqQər ib Şahsənə mə. Xor Şahsənə mə? Hara gedirsən, söylə? Aşıq, söylə, hara? A ş ıq Qər ib Dostlar, mənə siz verin bir at, Yetim yarə, ya da bitsin həyat. Xor Yaşa, yaşa, yaşa, Qərib! Ola sənin yolun asan, Gülsün hər yan, Ola rəzil xain düşmən! Yaşa, yaşa, yaşa, Qərib! Xoşbəxt ol sən, xoşbəxt ol sən! Dolsun yola əlvan güllər. Üçüncü pərdə Bəhram bəyin bağı. Ağaclıqda köşk. Şahsənəm Mən bir güldüm, açılmadan budağımdan dərdilər. Yarpaqlarım yaşıl ikən əldən-ələ verdilər. Bulud kimi göydən aşar, gələr bir gün mənim yarım. Ona aydın olar halım, gülər əlbət iqbalım. Ona tale yol verər, Gələr azad eyləyər. Yetər artıq, nazlı yarım, Gəl, gəl, ver nicat, Gəl, et azad! Duman kimi dağlar aşar, gələr əlbət mənim yarım, Ona aydın olar halım, gülər əlbət iqbalım. Çox çəkmədən yazıq soldum, əldən-ələ verdilər. Yarpaqlarım yaşıl ikən budağımdan dərdilər. Ağla, bülbül, ay yazıq bülbül, sənə xəzan yaraşır. Ağla, könlüm, ay yazıq könlüm, sənə hicran yaraşır. Ağcaq ız Artıq yetər, yetər bu dərd, bu fəryad! Şahsənəm Ah, yazıq mən, sönür gedir həyat; Qəlbim inlər heyhat! Ağca qız Bu gün toydur sənə. Şahsənəm Heç bir zaman mən Şahvələ də getmərəm! Ağca qız Unut onu, unut, qəm yemə sən! Şahsənəm Ölüm mənə çarə. Ağca qız Gülüm, bunda heç bir məna yox. Şahsənəm Sən ümidsiz yaşamaq nə olduğun bilməzsən; Aman, Ağca qız, yoxdur başqa çarə. Ağca qız Ay Şahsənəm! Hər sözün bir xəzandır Soldurur bu könül bağın. Alovlu olur macərası eşqin. Acı hicran, sonsuz bəla; Səbr eyləmək lazım ona. Xəbər gəlmiş Şahvələ də uzaq, uzaq bir eldən. Söyləyir ki, yolda Qərib ölmüş xain bir əldən. Anası almış onun qanlı köynəyin; Qan, yaş tökür, yolur saçın, birçəyin. Yazıq çaşıb bilməyir ki, neyləsin; Gələcəkdir dərdin sənə söyləsin. Xanı daxil olur Xanı Mənim balam bu gün son gün, vəd olmuş gün, bu gənc yaşında, Ah, yazıq balam öldü, yazıq balam məhv oldu, heyhat! Şahsənəm Yalan xəbər, yalan bu sözlər, Qərib sağdır, inan! Xanı Aman, qızım, niyə bir sözlə bu qəlbimi yaraladın? Oğlum ölmüş, dönməz o bir də; Getdi o, Şahsənəm, məhv oldu yolda; O bir daha dönməz, gəlməz. Şahsənəm Anam, sən ağlama, yəqin o sağdır. Xanı Sus, balam, yoxsa ürəyim partlar! Qalmamış, bil artıq, tabım; Yanar qəlbim, ağlaram daim. Qərib ölmüşdür, bu qanlı köynək son miras ondan. Bu qanlı köynək, Şahsənəm, nə çarə?! (Köynəyi göstərir.) Şahsənəm Onsuz yaşamaram, onsuz, heyhat, yoxdur həyat! Nəsib olur mənə ölüm, başqa bir yol yox! Aman həyat, aman həyat! Xanı Fələk bizə bəla verdi, doğrulmadı diləyin. Bu gün toydur, sağ ol, qızım, Allah olsun köməyin! Bəhram bəy gəlir. Bəhram bəy Söylə nə var? Bəsdir bu fəryad! Artıq Qərib ölmüş. Şahsənəm Yalandır, yalan! Gördüm bir röya; Bir at belində quştək uçub gəlir. Bəhram bəy Axmaq olma, qız! Hazır ol toya! Şahvələ də getməlisən! Gedir. Ağca qız Ah, Şahsənəm, öz röyanı tez nəql et! Şahsənəm İti bir qartaltək yüksək dağlardan, Oynaq bir bülbültək yaşıl bağlardan, Bir ağ at minmiş də, qanad çalır, bax! Budur, mənim yarım uçub gəlir, bax! Qanad çalmada at göyün bağrına; Dumanlar, buludlar, verin yol ona! Gənc başında sevda, bir saz əlində, Uçar, uçar, uçar ağ at belində. Ona qarşı durmaz göylər, fələklər; Çata bilməz ona əsən küləklər. Uçar mənim yarım, uçar, hey uçar. Otağa tərəf yollanır; lakin dərd-qəmdən taqətsiz olduğuna görə bihuş halda yerə yıxılır. Dördüncü pərdə Bəhram bəyin evi və bağı. Şahvələd Oldu daima sevda rəhbərim. Yoxmudur intəha, söylə, dilbərim?! Fikrimdə daima sənin vüsalın; Əsir etdi məni o gül camalın. Qərib daima düşməz dilindən; Çəkinməz əsla o öz elindən. Söylə, Şahsənəm, söylə nədir bu halın? Saldı oda məni o gül camalın. Güloğlan Olmaz bir iş, Qərib daha gəlməz. Öldü, onu torpaq aldı, artıq bax, hamı Oldu tabe bizə; daha qorxu yox! Şahvələd Sən hər yerə adam təyin et, Yaxşı bax, kimsə gəlməsin! Güloğlan Qorxma, heç bir kimsə gələ bilməz! Şahvələd Durma, əmrim gərək yerinə çatsın! Şahsənəm Bir gül sevdim çəməndə; Soldu yellər əsəndə. Eyləyər nalə qəlbim bu halə; Ağlar bülbüllər, ağlar lalə. Ayrı saldılar yarı yardan. Eylərəm fəryad, yox edən imdad. Yox mənə bir nicat, heyhat! Edən yox mənə bir imdad, heyhat! Ayırdılar, neyləyim? Dərdimi kimə deyim? Eyləyər nalə qəlbim bu halə; Yaş tökər bülbüllər, ağlar lalə. Ayırdılar yarı yardan. Gəl, Qərib, ver mənə bir nicat! Uzaq, uzaq, yad ellərdə Onu bürümüşdür sonsuz bəla. Onsuz qalmaq – öksüz qalmaq, Düşmək min dərdə; Çəkmək min cəfa. Uzaq, uzaq yad ellərdə Yox ona həmdərd olan. Onsuz mənə ölüm həyat! Ah! Ayrı saldılar, neyləyim? Dərdimi kimə deyim? Eylər nalə qəlbim bu halə; Aman, həsrət qaldım yarə; Könülsevən yarə mən. Uçar, keçər son dəmlər, heyhat! Ölüm vardı, yox artıq imdad. Son hər şeyə, son hər əzaba! Ümid söndü, sönsün həyat! Ölüm mənə! Ölüm mənə, ah! Artıq keçdi, heç bir xəbər yox; Bir daha o, gəlib çıxmaz. Keçdi ondan çox uzun illər, Qorxu bitdi, lal oldu dillər. Yox ondan bir xəbər, yox ondan əsər. Keçdi zaman, o daha qayıtmaz. Lal oldu o saz. Getdi əldən səbrim, qərarım; Yetiş artıq dadlı vüsal! Bəhram bəy Axmaq uşaq ağlar, inlərkən Beynim qızar, qanım coşar. Min yol dedim ona etsin səbr; Onun yeri ya ər evi, ya da qara qəbr. Mən əmr etdim çıxmasın bir səs, Gəlməsin nəfəs. Atmaq gərək hər dərdi, Böylə yazmış ona tale. Olmaq gərək əmrə ram; Olmaq gərək aram! Daha gəlməz, gəlməz Qərib! Mənim qəlbim yanır, Qoy onları barışdırsın yaradan! Allah qoy versin ona məram! Yox, gərək bu gün getsin yəqin! Axmaq uşaq, pul var, dövlət var. O, daim inlər, daim ağlar. Əyməsə boyun əgər, qoy məhv olsun tamam! Ya da qoy olsun aram! Gəl, Şahvələd, sözüm sözdür! Gəlin indi hazırdır. Gəl, qonaqlar toplanmışlar! Durma, toya hazır ol! Güloğlan Tutdum yolda ulağın, Çərtdim onun qulağın. Basdım köynəyi qana, Lənət olsun şeytana! Aldım Vələddən pulu, Ciblərim oldu dolu. Ulaqdadır əsl iş, Qulaqdadır əsl iş!.. Ağca qız Doğrul, toplan, həyəcanı tərk et! Artıq Qərib gəlməz, gəlməz, heyhat! Dünya dönsə, tale sarsmaz, Tale yazsa, kimsə pozmaz! Atan Bəhram vermiş fərman; Ona əməl et, səbr et, Həyat dönər, böylə qalmaz! Tale yazsa, kimsə pozmaz! Həyat oynaq, bu cür qalmaz! Qara günün ömrü olmaz! Çatmış artıq bu gün zaman. Qara günün ömrü olmaz! Tale dönməz, tale sarsmaz! Sən səbr elə! Yazı pozulmaz! Bu gün toydur, bu gün bayram; Atan vermiş, sən artıq sus! Tərk et fəryadı sən, aram ol! Doğrul, toplan, doğrul, toplan! Xor Yaşa, yaşa, Şahvələd, düşmən itdi aradan. Xoşbəxt etsin səni görüm yaradan! Yansın daim ocağın, Gülsün oğul-uşağın! Sənə hər görən, bil, həsəd aparacaq. Sənə el həsəd aparacaq. Düşmən itdi aradan, Səni xoşbəxt etsin yaradan! Gülər olsun taleyin, Yaşa, yaşa, Şahvələd! Qızlarınxoru Yol verin, gəlin keçsin qabağa! Olsun dünya ona tapdaq. Yansın daim ocağın; Olsun oğul-uşağın! Baxtın şad olsun, kam alsın, zövq alsın hey! Gülsün dünya hey! Qoy olsun hər bir gün bayram! Daim olsun toy səhər-axşam. Gülsün dünya, yaz olsun. Daim güllər açılsın hər yan; Qoy versin kamın sənin böyük yaradan! Kam alasan, şad olasan; Qoy olsun, qız, bəxtin parlaq! Qadınların rəqsi, kişilərin rəqsi. Şahsənəm Gözlərim qaldı yolda, Qəribdən bir xəbər yox. Yar yolunda dözməkdən əzabımın sayı yox. Zəhər içib ölməkdən başqa heç bir çarəm yox. Aşıq Qəribin səsi eşidilir. A ş ıq Qər ib Bir gül sevdim çəməndə; Soldu yellər əsəndə. Eyləyər fəryad qəlbim bu halə. Yaş tökər bülbül, inlər lalə. Ayrı saldılar yarı yardan. Səslər Çəkil, yol ver, dayan, dur! Qaçma, keç, keç, vur! Qoyma, qoyma, vur! Buraxma, buraxma, dur! Vur, tut, yol ver! Tərpənmə, dayan, dur! Qoyma, qoyma qaçsın, hey! Gəlmə, gəlmə, hey! Aşıq Qərib daxil olur. Şahvələd Kimsən, oğlan, de tanıyım gözlənməyən qonağı! Aşıq Qərib Bir tərlanı uçurmuşdum, sizdən aldım sorağı. Şahvələd Öylə isə al cəza, bil namus nədir, qan nədir! Şahsənəm (Aşıq Qəribi köksü ilə qoruyur) Vur, vur öldür, onda gör ki, sevda nədir, can nədir! Bəhram bəy Ey, o kimdir burda salmış qeylü-qal? Aşıq Qərib Bir aşıqdır gəlib edir ərzi-hal! Bəhram bəy İndi sənə göstərərəm qılınc nədir, baş nədir! Aşıq Qərib Göstər, ancaq anlat mənə kaman nədir, qaş nədir? Şahvələd Özgəsinə könül verən can eşitməz, can deməz. Qoy getsinlər, yox, Şahvələd yad bir arvad istəməz! Bəhram bəy Öylə isə qoy bilsinlər: artıq mənim qızım yox! Ata sözü – Allah sözü! Artıq sizə sözüm yox! Apar, oğlan, o, bir qızdır, yoxdur artıq atası! Xanı Ata yoxsa, var yerində cantək sevən anası! Şahsənəm Ay Qərib, sevgilim, mən daima arardım səni. Bax, nəhayət, ən sonda gəldi vüsal. Keçdi hicran, getdi məlal, aləm olur şadiman. Xor Aşiqə eşq ola! Eşqisiz nədir, eşqisiz nədir cahan?! Olmasa eşq, nədir cahan? Aşiqlərə eşq ola! Şahsənəm Aman, Qərib, çatdı vüsal, tapdım səni mən. Aşıq Qərib Ay Şahsənəm, verər sevda bizə həyat! Gülər bahar, sevgi yaşar hər bir zaman. Çatdım sənə mən, gözəl yar! Xor Toyun sənin çox mübarək olsun! Aşiqlərə alqışlar! Yaşa aşıq, hey!.. “AŞIQ QƏRiB” Cümə axşamı, sentyabrın 15-də bu sezonda 2-ci dəfə olaraq “Aşıq Qərib” operası tamaşaya qoyulmuşdu. Hacıbəylilərin bu il opera fəqərəsinə artıq diqqət etmiş olmalarındandır ki, həm keçən dəfə və həm bu dəfə oyunlar yaxşı keçdi. Ancaq bunu tövsiyə edirik ki, “Aşıq Qərib” operasındakı bəzi X o rlar dəyişib, yerlərinə daha qulağa xoş gələn münasib X o rlar qoyulmalıdır. Artistlərdən hər biri öz vəzifələrinin yaxşı keçməsinə səy edirdilər. 1-ci və 2-ci pərdələr az sovuq keçdisə də, lakin 3-cü pərdədə Sarabski ilə Ağdamskinin şikəstə ilə mükalimələri cəmaətin artıq dərəcədə diqqətini cəlb etdi. Tanrıquluyev cənabları anlaşıldığına görə, keçən dəfəki oyunda öz nöqsanlarını görmüş olmalıdır ki, bu dəfə Şahvələd rolunu gözəl ifa edə bildi. Artistkalardan Olenskaya bacılarının gözəl rəqsləri tamaşaçılara xoş gəldiyindən alqışlar ilə təkrar edildi. Bağdadbəyov cənablarının gözəl və gur səsi camaata xoş gəldiyi kimi Aşıq Səlim rolunu həqiqətən də gözəl ifa etdi. Bu oyunun nöqsanı bəzən xorlar ilə musiqinin həmahəng olmaması idi ki, buna da Hacıbəyov qardaşlarının nəzər diqqətini ayrıca cəlb edirik. Bir də Sarabski cənablarının axırıncı pərdədə vaxtından əvvəl çıxıb getməsi səhnədə qalanların sözlərini mənasız buraxdı. Teatroda camaat çox idi. Bəzi qeydkeşlik olması ilə daha yaxşı olardı. * * * == Məqalələr == “Əmir Əbülüla” Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən “Əbülüla” pyesəsi oynandı. Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində (qəzetində – A.R) bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır. İkinci pərdədə sakit bir gecənin dərin qaranlıqları içində çırpınan iki məcnun qəlbin iztirablarını aşiqlərin üzündən oxutdurmaq üçün salınan projektor öylə namünasib bir məhəllədə yerləşdirilmişdi ki, aşiqlər büsbütün qaranlıqda buraxılıb, lüzumsuz olaraq boş taxtalar işıqlandırılmış və bunun özünə ikinci pərdənin dekorasiyası bir yığın rəngli əski və tozlu taxtadan ibarət olaraq görülüyordı. Üçüncü pərdənin baxçamı, odamı, həyətmi, xülasə nə olduğu yenə anlaşılmayor. Çünki keçmişdə təfsilatilə dediyimiz kimi, həyət, baxça isə içərisində şəmədanların ilqun mebellərin olması oda isə bir tərəfində böyük bir baxçanın yerləşdirilməsi artıqdır. Dördüncü pərdədə sərdabanın içi səhnənin özü kimi işıq barı mövqeyinin daha qorxunc görünməsi içində olsa, qaranlıq olmalı idi. Aktyorların oyununa gəlincə Əbülüla rolunda Abbasmirzə Şərifzadə də yaxşı idi. Yalnız tabut içində bəzən pək sərt hərəkət ediyor və ara-sıra xəstə olduğunu xatırlayaraq birdən kəndisini zəiflədiyordu ki, bu da tamaşaçıları aktyorun süni surətdə xəstələndiyini unutmaq imkanından məhrum buraxıyordu. Zideydə ilə öpüşməsində yersiz idi. Çünki, əski ərəb adətləri üzrə Əbülüla kimi namuslu bir ərəbin bir müsəlman qızını izdivacdan əvvəl öpməsi, nə olursa-olsun, qeyri-təbidir. Əbudiyab rolunda Rza Darablinski bu yolu bir neçə dəfə oynadığına baxmayaraq, demək olar ki, yaxşı idi. Səyyah rolunda Bağır Cabbarzadə olduqca zəif idi. Məzarlıqlarda ülviyyət arayan sufi təbiətli 80 yaşlı zəif, düşkün bir ixtiyardan daha əvvəl keçmişdə dediyimiz kimi, Rüstəm-Zal kimi qüvvətli bir pəhləvana oxşuyordu. Hərəkətlərində heç bir qocalıq əsəri yox idi. Sözlərini də bilmiyordu. Xüsusən, məzar daşında yazılmış bir şeri oxuyarkən daşın üzərinə baxıb oxuması olduqca qeyri-təbii görünüyordu. Zibeydə rolundakı Olenskaya hərəkətcə pək gözəl idi. Quldur rolunda Rüstəm Kazımov, Rəbiə rolunda X a n ı m Lizina yaxşı idilər. Məsud rolunda Ə h m ə d Qəmərlinski zəif idi. Bu vəqtə qədər heç bir aktyorumuzun bu tipi lazımınca təşxis edə bildiyini görəmmədik. Məsud bizcə bir dərəcəyədək sərsəm, zəif, mütərəddid, oyuncaq, əldə oynadıla bilər bir tip ikən Ə h m ə d onu ikinci bir Əbudiyab yaratmaq istiyordu ki, onu da bacarammadı. Xüsusən, yavaş söyləniləcək yerdə bərkdən, bərk söyləniləcək yerdə yavaşdan danışması gülünc idi. Qoca bir aktyor bu vəqtədək bir cümlənin içində hankı sözə qüvvət verilməsi lazım olduğunu bilməyor ki, bu, bir çox aktyorlarımızda mütəəssüfanə görülüyor. Qatillərdən xüsusən Adıgözəl Hüseynzadə yaxşı idi. * * * “Əmir Əbülüla” Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla” pyesi oynandı. Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik. Hər halda oyunçuların oyunlarına keçmədən dekorasiyalar haqqında bir neçə söz demək istəyirik. Çünki keçənlərdə demişdik, dinləməmişdilər. Indi təkrar edirik. Ola bilər, yenə dinləməsinlər, gələcəkdə yenə deyəcəyik, yenə dinləməyə bilərlər. Fəqət nə olursa-olsun, biz Ərəbistanda divarların kağızla örtülmüş otağına nümunə olaraq götürülməsini fahiş bir xəta sanırıq. Bəlkə də keçən dəfə bu xüsusda yazdığımız fikri rejissor yoldaş yanlış sanıb etina etməmiş, varsın da mətbuat vasitəsilə yanlışlığımızı göstərsin; sübut edə bilərsə, səhvimizi etiraf edər, susarıq. Bununla belə, məsələn, bir Iran qadını təsəvvür etmək istəyən bir rəssamın İran qadınlığının zahiri görünüşünə bir əsas təşkil edən ağ ruyində qara çarşab, ya uzun köynək, al tuman və başqa bu kimi şeyləri buraxıb da, bir neçə V ə z ir və ya varlı qadınları avropaca geyinirlər deyə, son Avropa modası ilə geyinmiş bir qadını Iran qadınlığından nümunə olaraq götürmək, rəssamın təcrübəsizliyindən başqa heç bir şey göstərməz. Ərəbistanda divarları kağızla örtülmüş bir evin nümunə olaraq götürülməsi buna oxşar bir şeydir. Üçüncü pərdə xüsusunda demişdik. Yenə təkrar edirik ki, üçüncü tablonun otaqmı, bağçamı, həyətmi, balkonmu, bir kəlmə, nə olduğu anlaşılmaz. Çünki otaq isə içərisində çiçəklərin, yaşıl ağacların, həyət, ya bağça isə yerliyində xəli və qızılı mebellərin olması artıqdır. Bəlkə də, rejissor yoldaş özü bilir. Anlada bilərsə, susarıq. Fəqət nə olursa-olsun göstəriləcək mənzərələr öylə qurulmalıdır ki, ilk baxışda nə olduğu, harada olduğu bilinsin. Həmçinin elə bir görünüş yaratmalı ki, o əsərdə təsəvvür olunan vaxtın ölkədən və ölkədə yaşayan xalqın adət və məişətlərini, ümumiyyətlə mühitin bütün xüsusiyyətlərini əsas etibarı ilə təsəvvür etmiş olsun. Dekorasiyanı bir başqası qursa idi, bəlkə də bu cəhətləri sükut ilə keçərdik. Fəqət səhnəmizin bütün ağırlığını çiynində daşıyan və səhnəmizdə yeganə ümidli bir amil olan Abbasmirzə Şərifzadənin belə kobud bir yanlışlığa yol verməsi, hələ bu da azmış kimi, göstəriləndən sonra bir də təkrar etməsi, bizcə, acınacaq bir şeydir. Oyunçuların oyununa gəlincə, oyun qəhrəmanı Əbülülanın rolunu oynayan Kirmanşahski, ayrı-ayrı nöqtələrdən keçib də bütünlüklə göstərsək, Əbülüla rolunu yaxşı oynadı. Fəqət bu, Əbülüla deyildi. Əbülülanın paltarlarını geyinmiş, qrimini sürtmüş, sözlərini deyir. Lazımi yerində bərkdən qışqırır, inləyir, ağlayır, yerli-yerində başını, əllərini, ayaqlarını tərpədir, qalxır, yıxılır, bunların hamısı vardır. Yalnız bir Əbülüla ruhu yoxdur ki, bizcə bu da ən lazımlı şeydir. Çünki odsuz, ürəksiz, hissiz bu tərpənişlərin, bu sözlərin hamısı soyuq, yapma bir şey göründüyü üçün Əbülüla libası altında Kirmanşahskidən başqa kimsənin olmadığı bir dəqiqə də unudulmaz. Əlbəttə, biz gənc aktyorlarımızdan Otello rolundakı bir fransız aktyorunun, Dezdemona rolundakı bir fransız aktrisini qısqanclıq tufanı içində doğrudan da boğub öldürməsi qədər bir təbiilik tələb etmirik. Fəqət heç olmazsa, öz dediklərindən özləri bir az da olsa, müqəssir olmalarını öz təsvir etdikləri adamın yalnız zahiri ruhunu yox, ürəyini, hissini də mənimsəmələrini arzu edirik. Yoxsa, söz deyirkən Əbülüla kimi tərpənib də, sonra müxatibi yenidən sözə başlayandan bir Kirmanşahski kimi sükut ilə dinləmək hər kimə bağışlanırsa, Əbülüla kimi məsul bir rolda olan aktyor, kim olursa-olsun, bağışlanmaz. Bunların hamısı ilə bərabər aktyorun dördüncü pərdədə yaxşı olduğunu qeydə məcburuq. Gəncliyinə istinadən, gələcəyinə ümidlər bəsləyir və müvəffəqiyyətlər diləyirik. Səyyah rolunda Bağır Cabbarzadə bu gecə bütün yoldaşlarından yaxşı oynadısa da, bununla bərabər bu şəxsiyyətin bu vaxtadək heç bir aktyorumuz tərəfindən layiqi ilə təşxis edilmədiyini məəttəəssüf görürük. Səyyah, bu sofi məsləkli, bütün həyatından küsmüş, bəşəriyyətin bütün dolanbac işlərinə, intriqalarına nifrətlərlə baxan, nə isə gizli ruhani ülviyyətlərə aşiq bir şəxsiyyət ikən, taxt ardında qəsdən gizlənib başqalarını təqib etməsi və ümumiyyətlə bir çox böylə hərəkətlər edib də, özünün nifrət etdiyi dolanbac yollarla özü müraciət edirmiş kimi, göstərilməsi, bizcə, bir yanlışlıqdır. Əgər əsərdə böylə bir şey varsa, əgər səyyah Əbüdiyabın dediklərini eşidirsə, bu da bir təsadüf ola bilər. Səyyah Əbüdiyabın hiylələrinə təsadüfən rast gələ bilər və özünü intriqalara qoşmamaq məqsədi ilə göstərməz, yaxud ümumən, bir xəbər gətirmək məqsədi ilə dinlər, yoxsa, özünün qəsdən gizlənib başqalarını təqib etməsi və Əbüdiyabın özündən daha çox dolanbaclar çevirirmiş kimi, göstərilməsi, bizcə, çox yanlışdır. Bu xüsusi Sarabski üçün yazmışdıqsa da, təkrar olduğundan, biz də təkrar etmək məcburiyyətində qaldıq. Əbüdiyab rolunda Ruhulla Sidqi yaxşı idi. Yalnız üçüncü pərdədə paltarlı gedib, Əbülüla ölərkən başı açıq, alt paltarı ilə dönüb gəlməsinin səbəbini anlamadıq. Biz aktyorun nə üçün belə etdiyini bilirik. Fəqət tamaşaçıların ruhuna təsir etmək məqsədi ilə qeyri-təbii və mənasız yollara müraciət etməyi məsləhət görməzdik. Rəbiə rolunda Xanım Tanayilidi yaxşı idi. Zibeydə rolunda Olenskaya olduqca gözəl idi. Bağır, Sidqidən sonra tamaşaçıların nəzərini cəlb edirdi. Fəqət ikinci pərdədə Əbülülanın bəşəriyyətdən uzaqlaşmaq təklifinə qarşı son söz olaraq: “Atam deyirəm, atam”, – dedikdə, sevdiyinin ürəyini gözlərindən oxumaq üçün üzünə baxmaq lazım gəlirkən, özü arxasında buraxıb camaata qarşı: “Atam deyirəm”, – deməsi çox gülünc idi. Əbülüla ilə öpüşmələri də yersiz idi. Bu günah hər ikisinə aiddir; namuslu müsəlman bir ərəbin namuslu bir ərəb qızı ilə izdivacdan əvvəl öpüşməsi qeyri-təbii bir şeydir. Quldur rolunu oynayan Rüstəm Kazımov baleti yaxşı oynadı, deyə yazacaqdıq. Şah Ömər Rəbiə rolunda Ələkbər Süheyli zəif, taqətsiz, düşkün bir ixtiyar əvəzində cəngavər, qüvvətli bir pəhləvan yaratdı. O da Rüstəm rolunda olaydı, Ələkbər, Rüstəm rolunu yaxşı oynadı – deyə, yazardıq. Xüsusən, dördüncü pərdədə qızını öldürərkən qılınc çəkməsi, odlu bir ərəb pəhləvanının birdən acıqlanıb da, qüvvətli bir mübarizəyə qarşı qılınc çəkməsinə oxşayırdı. Halbuki özü istəmədən sevdiyi qızını öldürmək məcburiyyətində qalmış bir ata nə qədər ruhlu və qəti bir adam olursa da, tərəddüd və solğunluğundan özünü almıyacağı zənnindəyik. Gələcəkdə aktyorlarımızın yaradacaqları şəxsiyyətlərə diqqət edəcəkləri ümidindəyik, hər halda bunu arzu edirik. * * * “Pəri cadu” Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı. Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq. Hər bir şeydən əvvəl birinci pərdədə dərvişin nə məqsədlə göylərə dırmaşdırıldığını anlamadığımızı qeyd edəcəyik. Əgər dərviş göylərə qaldırılmalı olsaydı, buna müvafiq sözləri olmalı idi. Halbuki istər Pərinin sözlərindən, istərsə öz dediklərindən yerdə olub da, Pəri ilə söhbət etdiyi və adi bir insandan başqa heç bir şey olmadığı aydın görünürdü. Bəlkə də, əsərdə şeytan, əcinnə adı eşidib, buna da fantastik bir şəkil vermək istəmişlər. Fəqət bu, əsərin bir növ mahiyyətini pozduğundan, oyunu şəxsən idarə edən müəllifin nə fikir ilə buna razı olduğunu kəsdirə bilmirik. Hər halda ya dərvişin və ya Pərinin sözlərindən hərəkətləri buna müvafiq dəyişdirilməsi və yaxud dərvişin göylərdən dırmaşdığı yol ilə yerə endirilməsi, bizcə, yaxşı olardı. Dekorasiyalara gəlincə, birinci pərdədə dərvişin: “Xarabazar bir dudman”, – deyə bizi qandırmaq istədiyinə baxmayaraq, səhnədə “xarabazar bir dudman” deyil, əlvan çiçəkli, yaşıl ağaclı möhtəşəm bir bağça, cənnət kimi abad və səfalı bir barigah görürdük. Bunun üzərinə səhnə quruluşunda əsərdəki sözlərə diqqət edilməsini yoldaşlardan rica edirik. Qurbanın evi köhnə bir kənd evi deyil, son memarlıq sistemi ilə tikilmiş bir ev idi. Otağın içində isə qətiyyən bir şey yox idi. Halbuki bu əksinə, yəni otaq əsgi içində isə az da olmuş olsa, bir şey olsaydı, daha yaxşı olardı. Çünki Qurban nə qədər yoxsul olsa da, özgəsini kələm dolmasına qonaq edə biləcək dərəcədədir. Hətta özündən sonra arvadının ev şeylərini satmasına işarə etməsi, evdə heç olmazsa, biz məəttəəssüfanə, görmədiyimiz bir şeylər olduğunu bildirir. Beşinci pərdənin mənzərəsi fəna deyildi. Oyunçulardan əsər qəhrəmanı rolunda Sarabski birinci pərdədə yaxşı idi. Fəqət bir qucaq odun qaldırmaq üçün yavaşdan kömək istəməsi yersiz idi. Çünki bir qucaq odunun nə qədər ağırlığı olacağını xalq bilməz deyil. Buna görə də ya odunu çoxaltmalı, ya kömək sözünü çıxartmalı. Üçüncü pərdədə Hafizə Xanımın yanına getmək üçün geyinmə qeyri-təbii bir halda oldu. Bir ailəni həmişəlik tərk edib getmək istəyən bir adam o qədər iztirabsız, o qədər rahat geyinirdi ki, sanki adi qaydası üzrə meşəyə odun toplamağa gedir. Bizə qalırsa, orada cəld, şaşqın və bir növ də qarının yalanını çıxarmaq istəyirmiş kimi, bir növ ilə hərəkət etməli idi. Gedərkən, arvadının laylası üzərinə durması yaxşı idi. Fəqət sonradan biz ancaq özünü gördük, ruhunu görmədik. O zaman, təbii, Qurbanın varlığında ailə məhəbbəti və bəylik arzusu çarpışırdı. Fəqət bu mübarizə həmişə, həyatda baxılırsa, zahiri əl, və ya baş hərəkəti ilə bitər və ondan sonra insan qəti bir hal alır ki, bunu biz Sarabskidə görmədik; sadəcə bir qədər durdu, sonra da ürəyindəki mübarizənin nəticəsini bildirmədən sadəcə, çıxıb getdi. Bundan sonrakı pərdələrdə, xüsusən, son pərdədə Qurban zəif idi. Bəlkə də xəstə imiş, ya başqa bir səbəbi var imiş, bilmədik. Fəqət insan baxınca, önündə bir Sarabski deyil, bir həvəskar olduğuna inanmaq istəyirdi. Yoxsa, o boyda Səlimənin gözünə görünməməsi, üzərinə göz ucu ilə də olsa, baxmaması, nə demək ola bilər?! Yalnız eşidici bir qüvvə ilə iktifa etmək olurdusa, Səlimənin yalnız səsi eşidilməli idi. Madamki, Səlimə özü gəlməmişdi, demək, görücü üzvlərin də iştirakı lazımdı. Habelə, özündən getmək üçün yıxılması... Əvvəl oturur, sonra isə gəzinir... Sonra da kamali-istirahət ilə uzanıb yavaş-yavaş başını yerə qoyur. Gülünc deyilmi? Bundan sonra onsuz da varlığı sarsılmış Qurbanın bir də Pərini öldürəndən sonra alacağı vəziyyət içərisində o qədər əcinnə, qorxunc və müdhiş vücudlar arasında kamali-aramla xəncərini yerinə sancmağına nə ad qoya bilərik? Bunları başqa təcrübəsiz bir aktyorumuz etsəydi, bəlkə də yazmazdıq. Fəqət səhnəmizdə böyük bir mövqe qazanmış Sarabskinin böylə xətaları buraxmasını sükutla keçməzdik. Şeytan rolunda Ruhulla Sidqi, Pəri rolunda A.N.Olenskaya və iki əcinnələr fəna deyildilər. Xanım Lizina və Xanım Tanayilidi son dərəcə gözəl idilər. Yalnız Lizinanın evdə başmaq ilə gəzməsi yersiz idi. Tanayilidinin də Səlimənin ölməsi üzərinə insana yaraşmayan bir görkəm alıb da, şeytan kimi gülməsi artıq idi. Anaplı və Əhməd Qəmərli tərif fövqündə gözəl idilər. Bu gecə demək olar ki, Ə h m ə d bütün oynayanlardan yaxşı idi. Şamama Cadu rolunda Y.Olenskaya bir qədər zəif idi. Bu da, bizcə, özünü bir növ fövqülbəşər göstərmək istəməsi və bacarmamağından irəli gəlirdi. Ümumiyyətlə, nədənsə oyunda bir solğunluq və oynayanlarda bir ruh düşkünlüyü hiss edilirdi. * * * Hacıbaba Şərifzadə Bu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər. İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə. Dünyada bundan artıq əziz onun üçün heç bir şey yoxdur. Təbii və məəttəəssüfanə, belə şəxsiyyətlər səhnəmizdə tək-tükdür ki, onlardan biri də mərhum Hacıbaba Şərifzadə idi. Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta çocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayeinəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətləri ilə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri atmamış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli irəli getdikcə, sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir. Və bu uğurda ac qaldığını görənlər nə qədər çox olsa da, borcsuz qaldığını bizcə görən olmamışdır. Bütün var-yoxunu, son bir dəst paltarınadək satıb səhnə zərərlərini əvəz etdiyi adi şeylərdən idi. Bir kəlmə çocuqluqdan bəri bütün tarix-həyatını yarpaq-yarpaq çevirsək, səhnədə çəkdiyi əzab və iztirablardan başqa heç bir şeyə bəlkə də təsadüf etmərik, yorğunluq bilmədən bu qədər çalışdığını və özündə olan istedad nəticəsində gəncliyinə baxmayaraq, səhnə quruluşunda birinci mövqe tutduğunu cəsarətlə deyə bilərik. Bu işdə səhnəmizdə bu vaxta qədər kimsə onun kimi cəsarət göstərməmişdir. Bundan əlavə, mərhum yoldaşımız opera və drama yazmağa dəxi həvəs etmişdir ki, bir neçə əsərləri də vardır. Bu əsərlərindən “Mehr və mah” operası dəfələrlə tamaşaya qoyulmuşdur. Səhnəmiz və xalqımız mərhumun bu qədər çalışqanlıq nəticəsində aldığı təcrübələrindən və parlaq istedadından indi istifadə edəcək idi. Fəqət heyhat! Bu qaya yastı qaya, Kölgəsin atmış aya. Yaxşı məhsulum gəlmişdi, Əməyim getdi zaya. Bəli, ölüm! O, minlərlə rəqsan xəyalları, parlaq ümidləri əbədi bir yoxluğa məhkum edən acıqlı kölgə, onsuz da möhtac səhnəmizə Hacıbabanı çox görüb, vaxtından əvvəl qara torpaqlara gömdü. Hacı Hacınskidən, Vəlidən və Hüseyn Ərəblinskidən sonra səhnəmizə ikinci müdhiş zərbədir ki, bir sənət xadimi kimi, bütün varlığımızla təəssüf edər və mərhumun əqrəbalarına olduğu kimi xalqımıza, səhnəmizə və bütün sənayei-nəfisə xadimlərinə izhar təziyət edərik. * * * “Dağılan tifaq” Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik. Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik. Bunlardan keçincə, əlavə etməliyik ki, bu gecə Abbasmirzə Şərifzadənin oyunu istər paltar, istər qrim, istər danışıq, istərsə hərəkətcə bizi qənaətləndirdi, hətta onu alqışlamağa özümüzdə vicdani bir məcburiyyət hiss edirik. Aktyor götürdüyü ağır rola, yaratdığı şəxsiyyətin ruhuna o qədər dərin girmiş ki, özü aradan tamamilə itmişdi. Bu gecə radio ilə aktyorun bütün varlığı işıqlandırılsaydı, Abbasmirzədən əsla bir əsər qalmayıb, bütün iztirab və səfalətləri ilə bir Nəcəfbəy Çaybasarski görünəcəkdi. Aktyor o qədər özünü unutmuş ki, qocaman bir sütun uçulub tam başına düşür, yerindən belə qımıldanmır. Fəqət bütün bu təbiiliyi sütunun gec uçulması üzərinə “davayte!” – deyə bərkdən səhnədə danışması pozurdu. Biz “davayte” eşidincə, o saat Nəcəfbəyi itirib, onun rolunda Abbasmirzə olduğunu xatırladıq. Çox təəssüf! Belə şeylərin təkrar edilməyəcəyi ümidindəyik. Sona rolunda A.N.Olenskaya birinci pərdədə lazımi təsir vermədi. Paltarları da maloros paltarı idi. O biri pərdələrdə, xüsusən, dördüncü pərdədə tərif fövqündə gözəl idi. Məşədi Cəfər rolunda Məlikov, Səlimbəy rolunda Ələkbər Süheyli və qoca zabit rolunda Ələkbər Hüseynzadə olduqca yaxşı idilər. X a n ı m Lizina da yaxşı oynadı. Səriyyə X a n ı m türkcə yaxşı danışa bilsəydi, bəlkə də yaxşı oynardı. Fəqət indilik istər danışıq, istər hərəkətcə heç bir şeyə müvəffəq olmadı. Burada onu əlavə etmək istəyirik ki, bu vaxta qədər səhnəmizdə olan aktrislər aktris olduqlarına görə deyil, türkcə bildiklərinə görə səhnəmizə qəbul edilmişlərdi. İndi isə onların arasında A.N.Olenskaya kimi istər lisan, istər hərəkətcə və Lizina kimi yalnız hərəkətcə müqtədir aktrislər ayrılmış, o biriləri isə lisan və hərəkətcə axsadıqlarından əvvəlkilər ilə çiyin-çiyinə oynayınca, yarada bildikləri təsir olsa mənfi olur. Bunun üzərinə əllərimizi qulağımızın dibinə qoyub bağırırıq: “Səhnəmizə türk Xanımı! Türk Xanımı! Türk Xanımı yetişdirilməlidir!”. Bununla heç olmazsa, Səriyyə Xanımın başmaqla evin yuxarı başına keçməsindən xilas olar və xalçaları təmiz saxlaya bilərik. Dəllək İmamverdi yaxşı idi. Imamverdinin oğlu rolunu Yunus nə qədər yaxşı oynadısa da, məəttəəssüfanə, kürkünü, çüxasını geymiş bir qızı andırırdı. Xüsusən qrimi qız qrimi idi. Ovçular zəif idilər. Xüsusən, birinin diri bir adama: “Başına dönüm, səni kim öldürdü?” – deməsi, o qədər gülünc çıxdı ki, yazıq yaralının zəhmət çəkib yarada bildiyi təsiratı da pozdu. Mirzə rolunda Kazım yaxşı idi. Nəcəfbəyin oğlu rolunda gənc aktyorlarımızdan Əliabbas İsmayılzadə gözləmədiyimiz bir məharətlər göstərdi. Biz qəsdən bu mühüm rol xüsusunda bir neçə kəlmə əlavə söyləmək üçün axırda yazdıq. Bir il bundan əvvəl həmin gənc arqadaşımızın Xoristlər arasından ayrılıb, kiçik bir rolda birinci dəfə səhnəyə çıxması üzərinə ondan gələcəkdə bir çox şeylər gözlədiyimizi söyləmişdik. O vaxtdan bir il də keçməmiş bu gecə gənc aktyorumuz o vaxt yalnız bir ehtimal olaraq söylədiyimiz sözləri ehtimal dairəsindən çıxarıb, qaçılmaz bir həqiqət halına gətirdi. Indi isə biz səhnəmiz üçün gələcəkdə ondan müqtədir bir aktyor gözlədiyimizi cəsarətlə deyirik. Bunlardan keçincə, onu da xatırladırıq ki, ölümcül yaralanmış bir adam bir saat qədər uzun bir vaxt bir verst üzərində dayana bilməz. Ölərkən son nəfəsdə özünü qurudub körpü yaradaraq, yerə çırpılması da artıq idi. Bu körpü bizim bütün aktyorlarımız üçün bir moda şəklini almış və bu vaxta qədər az-az adamın səhnədə vəziyyətinə baxmayaraq, körpüsüz öldüyünü görmüşük. Fəqət bu doğru deyildir. Bu körpü çapalamaq hərəkətindən bir şöbədir ki, yaralanandan sonra birinci-ikinci dəqiqədə ölən adamlara yaraşır. Fəqət yaralanandan yarım saat sonra ölən adam belə özünü qurudub da qalxıb yerə çırpılmasındansa, getdikcə zəiflənib tamamilə hərəkətdən qaralaraq rahat ölərsə, daha təbii olar. Çünki bu qədər uzun vaxtda axan qan insanı zəif salar və qan yoxluğundan belə bir hərəkətə imkan qala bilməz. Bu, aktyorlarımızda ümumi bir hərəkətdir ki, düşünmədən edirlər. Fəqət gələcək üçün hazırlanan gənc aktyorumuza belə nöqtələrə fikir verməsini tövsiyə edər, bütün varlığımızla ona müvəffəqiyyətlər dilər və bu gecəki müvəffəqiyyəti üçün ayrıca alqışlarıq. * * * “Otello” Cümə günü, mayın 19-da Dövlət Teatrında türk aktyorları tərəfindən “Otello” pyesi oynandı. Otello rolunu oynayan Abbasmirzə Şərifzadədən başqa, oyunun bütün rolunu səhnəmizin gənc aktyorları ifa etdiklərindən və bu rollarda birinci dəfə çıxdıqlarından, bütün başqa cəhətləri keçib, yalnız bu gənc qüvvələrin oyunları xüsusunda bir neçə kəlmə yazmaq istərik. Otello rolunda ən qüvvətli aktyorumuz Abbasmirzə, ilk iki pərdələrdəki ruhsuzluğunu unutmamaq şərti ilə, son dərəcə gözəl idi. Bir çox yeni və müvafiq hərəkətlər göstərməsi üzərinə daima bir hərəkət üstündə mıxlanıb durmaması və hər dəqiqə bir yenilik göstərdiyi üçün möhtərəm aktyorumuzu ayrıca qeyd edirik. Onu da əlavə edim ki, bütün aktyorlarımızın müttəhid nöqsanı olan tədrici yıxılmaq bəlasından yeganə mübərra olan Abbasmirzə, bu gecə əzilməsin deyə, qeyritəbii olaraq yerin rahatlayaraq, tədricən yıxıldı ki, bu bir nöqsandır. Yaqo rolunu ilk dəfə olaraq Kazım Ziya oynayırdı. Rolunun ağırlığını, birinci dəfə oynadığını nəzərə alarsaq, demək olar ki, fəna deyildi. Nə isə, aktyor Yaqo yaratmaq əvəzinə Yaqo rolunda Ruhulla Sidqi yaratmağa çalışırdı ki, məəttəəssüfanə, heç olmazsa buna da lazımınca müvəffəq olmadı, həm də sözlərin yaxşı bildiyinə baxmayaraq, danışdıqlarına çox fikir vermirdi, bəzən Yaqo deyə öz adı ilə başqalarını çağırırdı. Söylədiklərini özü yaşamırdı. Çox ehtiyatsız idi. Xüsusən, birinci pərdədə özünü Barabansioya tanıtmamaq üçün gizlənməsi lazım gəlirkən, önündə dikilib dayanmışdı. Barabansio rolunda Bayram Əlibəyov son dərəcə yaxşı idi. Rodriqo rolunda Aslan Tahirov təmsil etdiyi adamın şəxsiyyətini layiqincə təşəxxüs etmədiyindən olmalıdır ki, xüsusən, ilk pərdələrdə solğun idi. Üçüncü pərdədə yaxşı oynadı. Monteo rolunda Adıgözəl Hüseynov orta idi. Sözlərini yaxşı bilirdi. Rolunu yaxşı aparmaq üçün bütün qüvvəsini işlədirdi, özündən əvvəl oynayanlara büsbütün təqlid deyil, özündən də yeni müvafiq hərəkətlər göstərirdi. Fəqət yaralanırkən dili ilə: “Yaralanmışam, danışa bilmirəm”, – deyir, səsində və hərəkətlərində isə heç bir zəiflik əlaməti hiss etdirə bilmirdi. Xüsusən, Otellonun gec çıxması üzərinə duelin uzun çəkməsi aktyorun çətin bir mövqedə buraxdı ki, təcrübəsiz gənc aktyor duelə davamla yorğunluğunu anlada biləcək bir hərəkət göstərmədi. Qılıncını da qeyri-təbii olaraq axıradək əlində tutub özü ilə apardı. Dezdemona rolunda Məxfurə Xanım yaxşı idi. Xüsusən, türkcə çox gözəl söyləyir və səsindəki incəlik üzərinə məsum, sadədil bir Dezdemona yarada bilirdi. Fəqət hərəkətcə zəif idi. Məsələn, ağladığını başqaları söyləyir, halbuki, özü o hərəkəti göstərməyə sanki tənbəllik edirdi. Xanım Lizina hərəkətcə yaxşı, lisanca adəti üzərinə zəif idi. * * * “Şeyx Sənan” Cümə günü, oktyabrın 11-də möhtərəm şairimiz Hüseyn Cavidin “Şeyx Sənan” adlı faciəsi oynandı. Möhtərəm müəllif guya “İblis”də buraxdığı bütün xətaların intiqamını “Şeyx Sənan”dan alırmış kimi, əsərin hər bir cəhətinə son dərəcə diqqət etmişdir. Nə qədər “İblis” bir-birilə bir o qədər də rabitəsi olmayan ayrıayrı vəqələrdən ibarət olsa da, o qədər “Şeyx Sənan”ın bütün vəqələri arasında sıxı bir irtibat vardır. Həm də əsərdə gözəl tiplər və bir çox həyəcan bədiiyyə səbəbiyyətverici mənzərələr vardır ki, bunun üzərinə möhtərəm ədibimizi bu müvəffəqiyyəti üçün səmimi-qəlbdən alqışlamaqla bərabər əsərin bir neçə nöqtəsinə şairimizin nəzərdiqqətini cəlb etmək istəyirik. Əvvələn, birinci və ikinci pərdələrdə islamiyyətdən sonra örtülmüş ərəb qadınlarının kişilər arasında üzüaçıq gəzmələri, azad bir müşaiqəyə imkan bulmaları, hətta necə isə Mədinədən dəvə ilə təxminən 13-14 günlük bir məsafədə olan Məkkəyə Şeyx Sənanın ardınca durub gəlmələrinə möhtərəm müəllif necə baxır! Birinci pərdədə 18 yaşında görünən Zəhra 10 ildən sonra vaqe olan 2-ci pərdədə 28-30 yaşında olur. Sənan onu sevirdisə, nə üçün bu 10 ildə almamış, sevirdisə, Zəhraya bildirmişmi? Bildirmişsə, Zəhra nə üçün arada heç bir şey yoxmuş kimi, ancaq kəmetina bir aşiqə müraciət edən kimi, Sənana müraciət edir? Ərəbistan mühitində bir qızın o qədər uzun bir vaxt ərə getməməsi mühitə müsaiddirmi? Zəhranın əqrəbası buna yol verərdimi? Burası çox dumanlı keçilir. Bir də Sənanın Ərəbistanda oturub görmədiyi bir Gürcü qızına bənd olması, əsəri təbiilikdən çıxarır. 3-cü və dördüncü pərdələrdə Oğuz və Özdəmirin şəxsiyyətləri çox qəribədir. Əvvələn, necə olmuşsa, bu adamlar şərab içən və donuz otaran bir adama niyə böyük bir din xadimi kimi baxır və uğrunda hər bir fədakarlığa gedirlər? Cavidin bir neçə əsr bundan əvvəlki kəndliləri əsr-hazırın bir çox ziyalılarını belə şaşıraraq, Sənanın dərin fəlsəfələrini və filosofanə hərəkətlərini çox gözəl anlayırdılar, əcəba? Həm də bu adamlar necə isə birər Don Kixot kəsilmişdilər. 2 nəfər, 4-5 nəfər müsəlləh qatilin üzərinə atılır, hərəsinə bir yumruq endirib yerə sərirlər və hətta özgə həyətində Serqoya: “Dur bunu al! Ardımca gəl!” – deyə hakim kimi əmr etmələri də çox qəribə idi. Bizcə, bunların əvəzinə 6-7 nəfər Şeyx Sənana rəqib gürcülər götürülsəydi, gözəl olardı. Bundan başqa, Sənanın üçüncü pərdədə keşişin israrı üzərilə böyük bir fəlsəfə və ictimai nəticəsində islamlığına zərərsiz gördüyü hərəkətlərdə bulunması: şərab içməsi, Quranı yandırması, xaç taxması çox gözəl anlaşılır. Fəqət 4-cü pərdədə kefli Serqodan şərab alıb içməsi nə demək idi? Orada da bir fəlsəfəmi var idi? Burada insan təbii bir suala məruz qalır: Sənan bütün bu əməlləri öz dinində baqi qalmaqla dininə zərərsiz bilərəkmi icra edir, yoxsa həqiqətən dinindən çıxmışdır? Məsələnin bu cəhəti də əsərdə həqiqətən çox örtülüdür. Bir islamın Serqodan şərab alıb içməsi yersiz idi; Tamaranın eşqi xatirəsi üçün o zaman fəlsəfələr babası görünən Sənan Tamaranın eşqi naminə hər küçə çocuğundan bir piyalə alıb içərsə, ayıq vaxtı tapılmaz idi. Həm də Serqo məsələsi üzərinə Sənanın şəxsiyyəti çox dumanlaşır. Sənan müctəhid və mücəddət bir islammı, yoxsa müctəhidlikdən dinsizliyə keçmiş, yolunu itirmiş filosof? Bəzən keşişin: “Sən əski dininə gizlində qailsən”, – deməsi üzərinə: “Yalan, böhtan”, – deyə bağırır. Bəzən də: “Mən yalnız islamların deyil, hətta xristiyanların da rəhbəriyəm”, – deyir. Qəribə bir təzad deyilmi? Bu cəhətlər aydınlaşmalı idi. Bundan sonra sonuncu pərdədə Sənan və Tamaranın çox asanlıqla çıxdıqları bir dağa yerli və ölkələrinə hər kəsdən artıq bələd olmaları ehtimalı olan gürcülərin çıxmaması qeyri-təbii idi. Sonra şeyxlər olduqca çoxdurlar. Sözləri də azdır. 2-3 nəfərini saxlayıb, qalanlarını əsərdən çıxartmaq daha gözəl olardı. Keşiş çox sərtdir. Axundlarda da axunda yaraşmayan bir davakarlıq vardır. Sənanın müdafiəsi üçün Şeyx Sədra daha yumşaq sözlər söylərsə, daha gözəl olar. Bu cəhətlərə möhtərəm müəllifin lütfən nəzər yetirmələrini arzu edərik. * * * Ədəbi mübahisələr I 6 həziran tarixli “Kommunist”də möhtərəm Kazımoğlu deyir ki, “Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar”, Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır” deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var” deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazılarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz. Möhtərəm Kazımoğlu ədəbiyyat tarixində ötədənbəri böyük filosofların mövzu bəhsi olub bu vaxta qədər aydınlaşmayan, “Sənət sənət üçündür”, “sənət həyat üçündür” prinsiplərini meydana sürür və ikincisinin daha doğru olduğunu təsdiqlə bu nöqteyi-nəzərdən “Uçurum”un “Sənan”dan daha həyati binaənəleyh, daha dəyərli olduğunu iddia edir. Əvvəla, biz möhtərəm Kazımoğlunun bu iki prinsipini nasıl izah etdiyini bir dürlü kəsdirə bilmirik. Ehtimal ki, möhtərəm Kazımoğlu “Sənət həyat üçündür” – şüarında “sənət”, “həyat” sözlərinin bir araya toplanması ilə onu “sənət həyatdan olmalıdır” kimi tələqqi etmişdir ki, bunun üzərinə ən gözəl əsər, sənət həyatdan götürülmüşlər, həyata yaxın olanlardır kimi bir məna çıxarır və “realist” “Uçurum”un romantic “Sənan”dan daha həyati olması hesabilə daha dəyərlidir deyir. Bizcə, burada bir yanlışlıq vardır. “Sənət həyat üçündür” prinsipi qətiyyən göstərilən mənanı ifadə etmir. Həm də belə olsaydı, ikinci prinsip nə demək olurdu. Əcəba? Biz şəxsən bu iki prinsipi belə anlayırıq. “Sənət həyat üçündür” – sənət həyatı tərbiyə etmək məqsədini təqib etməli, sənət həyata yol göstərməlidir. Mövzular bir fikrin təbliği üçün intixab olunmalı və ən böyük diqqət də təbliğat cəhətinə verilməlidir və ən gözəl əsər sənətdə böyük fikirlər ifadə edənlər, insanlığı tərbiyə məqsədilə yazılanlardır. Binaənəleyh oxuculara, seyrçilərə, dinləyənlərə bir dərsi-ibrət verməyən əsərlər əsəri-sənət olmazlar. Beləliklə, “sənət həyat üçündür” prinsipi tərəfdarı olan Kazımoğlunun şüarını belə bir məna ifadə etməsi üzərinə nasıl olur da “Uçurum”u “Sənan”dan dəyərli gördüyünü anlamayırıq. “Sənan” yeni də olmasa, hər halda ötəndənbəri söylənmiş bir çox əhəmiyyətli, əsaslı fikirləri toplayıb yeni kimi meydana çıxarır. O dinlərin bir ixtilaf qaynağı, mənbəyi olduğunu iddia edir. Allah da, Kəbə də, həp gözəllik eşq və sevgi olduğunu anladır, əlavə islam ruhanilərinin və xristian papaslarının fəsadlarını və bunların nəticələrini meydana çıxarır və yeri gəldikcə, daha bir taqım ibrətamiz fikirlər ifadə edir. “Uçurum”da nə var, əcəba! Hər halda bunların heç birisi bəlkə də bir taqım şeylər söylənmək istənilmiş də məəttəəssüf ifadə edilmişdir ki, bu xüsusda irəlidə söyləyəcəyik. Deməli, Kazımoğlunun tərəfdar bulunduğu-şüar nöqteyi-nəzərilə “Uçurum” “Sənan”dan dəyərli olmayır. İndi keçəlim ikinci “sənət sənət üçündür” prinsipinə. Burası gələcək yazımızla əlaqədar olduğu üçün üzərində bir qədər durmaq istərdim. Bizcə, bu şüar belə izah edilməlidir. Sənət ibrət və dərs vermək, yol göstərmək və ümumən bir şey öyrətmək vəzifəsini daşıyırsa, sənət dərsi ibrətverici, öyrədici əsərlər o zaman fəna bir natiqin mitinqlərdə söylədiyi ibrətamiz və doğru sözlər, o zaman bir müəllimin sinifdə verdiyi riyaziyyat dərsi ən böyük bir əsər sənət olmasın, halbuki, onlar fəhvasız və müəmmasız açıq-açığına öyrədirlər. Digər tərəfdən, bir Rafaelin, ya başqa bir rəssamın Cakondaları, madonnaları, bir Bethovenin musiqiləri kimsəyə bir şey öyrətmirlər. Eyni halda kimsə onların bir əsər sənət olduqlarını inkara cəsarət edəməz, bu vaxtadək etməmiş də. Bunun üzərinə yerli olaraq iddia edirlər ki, bir əsər bir fikir ifadəsi üçün yazılırsa o artıq sənət və ədəbiyyat deyil, bəlkə də fəlsəfədir. Sənət və ədəbiyyat dəftərçələrindən ayrılıb fəlsəfə kitablarına girməlidir. Sənət isə bir ibrət üçün olmayıb, bəlkə sənət üçün olmalıdır. Bu qənaətdə olanlar deyirlər: mən fəlsəfə dərsi, ibrət-filan bilməm, gördüyüm şey məni mütəəssir edirsə, həmin fırçamı alır, olduğu kimi təsvir edərəm. Canlı olaraq yaradaram. Zatən ədəbi əsərlər də fırçası qələm olmuş rəsmlər deyillərmi? İşdə burada da de Monassan kimi yazıçılar çıxıb deyirlər: mən həyatdan bir parça alıb bütün çılpaqlığı ilə, bütün mənfi və müsbət cəhətləri ilə, bütün qəhqəhə və göz yaşları ilə, fəlakət və dəhşətləri ilə, gözəllik və sevincləri ilə olduğu kimi təsvir edəcək, yaradacaq və bütün üryanlığı ilə canlı, diri həyatı oxuculara təqdim edəcəyəm. Oradan bir fikir çıxdımı? Çıxmadımı? İbrət alındımı, yoxmu? Borcum deyildir. Bir fikir doğurursa, yaxşı, doğurmursa daha yaxşı (təbiidir ki, həyatı bütün üryanlığı ilə görən bir oxucu onun bütün müsbət cəhətləri o gözəl nəticələri ilə bərabər, fəna hərəkətləri öz fəlakətli nəticələri ilə görən oxucu düşünürsə, orada ibrət də, dərs də ala bilər, fikir du bula bilər). Fəqət bir fərq var ki, burada bir fikir üçün bir həyat çox vaxtda süni, qeyri-təbii bir həyat yaradılmayıb, bəlkə yaranmış bir həyatdan, təbii və açıq bir həqiqətdən bir fikir alınır. Burada əsas fikir və ibrət dərsi olmayıb, bəlkə əsas sənətdir. İştə bu nöqteyinəzərlə yazan de Mopassanların bu gün Qərb ədəbiyyatında sənətkarlıqlarını kimsə inkar edə bilmir və hər kəs də onun sənət və dühasını təqdir edər. Başqa cür ola bilməz, çünki bu adamın əsərini oxuduqca, göz önündə bir həyat zahiri əhvaliruhiyyəsi, iztirabları bütün incəliklərinədək təbii və həyati təsvir edilmiş, yaradılmış canlı adamlar zahir olurlar ki, bu təbiilikdən, bu sənətdən insan zövq almaya bilməz. Oxucu vəqədən o qədər mütəəssir olur ki, gah gülür, gah da yeri gəldikcə, kəndisi bilmədən belə, bilaixtiyar göz yaşları tökür, oxucuda bu, ya digər hal vücuda gəlir bir həyəcan doğur. Bizcə, ən gözəl əsər, sənət oxucularda, seyirçilərdə, dinləyicilərdə hər həyəcanbədii oyandıra bilən əsərlərdir. II Burada bir şəxsiyyət və qeyri-şəxsiyyət məsələsi də vardır ki, bizcə, yuxarıdakı iki prinsipin mübarizəsi zamanı doğmuşdur. Bir yazıçı öz əsərlərində görünməlidirmi? Bu ya digər qəhrəmanı müdafiə ilə müəyyən bir fikir söyləməlidirmi? “Sənət sənət üçündür” vəsilər tərəfindən bu da rədd olunur. Yazıçı öz əsərlərində qətiyyən görünməməlidir... O oxucuların əhvali-ruhiyyələrinə, fikirlərinə, mühakimələrinə bu ya digər fikri tərvic, bu ya digər qəhrəmanı haqlı göstərmək üzrə təsir etməməlidir. Onlarca: sadəcə həyat yazılmalıdır. Yazılmış həqiqətlərdən kim nə anlayırsa özü bilsin, hansı qəhrəman haqlı ya haqsız bulursa yenə özü bilər. Iştə timsal üçün gətirdiyimiz de Monassan da, həmçinin Flober və başqa böyük yazıçılar da yalın həyat göstərir. İnsan acı həqiqətləri görər, nöqsanları duyar, ağlar, gülər. Fəqət heç bir yerdə yazıçını görə bilməz. Əsərin bir yazıçı tərəfindən yazıldığı belə hiss edilməz. O, yaratdığı canlı həyatın, acı həqiqətlərin dumanlıqlarında, kölgəliklərində itər, gedər. Bunlar həp möhtərəm Kazımoğlunun rəyinə istinad etdiyi Tenin “ədəbiyyat cəmiyyətləri ifadeyi-hal və keyfiyyətidir” təbiri də bu nöqteyi-nəzərdən yaklaşmaq istərik-Ten yuxarıdakı cümləsində nə demək istəyir? O deyir ki, ədəbiyyat ətrafındakı həyatı, cəmiyyətin nasıl yaşadığını, nə fikir daşıdığını, ətrafdakı insanların, xalqın, cəmiyyətin adətlərini, ənənəatını, xüsusiyyətlərini, əhvali-ruhiyyəsini olduğu kimi təsvir və ifadə etməli, bir kəlmə bütün mühit dəftərlərə köçürülməli və nəticə etibarilə “ədəbiyyat cəmiyyətlərin ifadeyi-hal və keyfiyyatı” olmalıdır. Belə olmalıdır ki, Qafqaziyada bir nəfər Floberin “Madam Bovari”sini oxucuya əvət Fransada belə bir həyat vardır, – deməyə haqlı olub, Fransa həyatı xüsusunda, oradakı cəmiyyətin və ondakı qaim fikirlər, insanların məişəti, əhvali-ruhiyyələri xüsusiyyətləri barəsində qəti bir fikir hasil edə bilsin. İştə bizcə, Ten yuxarıdakı təriflə göstərdiyimiz mənanı ifadə etmək istəyir. Biz bu təbirin mükəmməl olub-olmaması xüsusunda məqaləmiz üçün ehtiyac görmədiyimizdən durmaq istəməyirik. Çünki bir cəmiyyəti deyil, ayrıca təbiəti, bir gözəl yaşıl təpəni, bir fırtınalı dənizi təsvir edən, ya təbiətin bu ya digər gözəlliklərini ifadə edən bir əsər sənəti deyildir, denilməz. Nə isə burasında bəhsə lüzum verməyib Tenin təbirini qəbul ilə mətləbə keçəlim. İndi biz bu nöqteyi-nəzərdən Cavidin əsərlərinə yanaşalım. Əcəba Cavidin hankı bir əsəri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin, xüsusilə Azərbaycan türk xalqının ifadeyi-hal və keyfiyyətidir. Qoy bir nəfər çıxsın və barmağını uzadaraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadə, hal və keyfiyyətidir, söyləsin. Bunu kimsə deyə bilməz. Biz “Zəhmət”dəki tənqidin bir çox yerləri ilə şərik deyiliksə də, “Cavidin yazdığı əsərlər get-gedə həyatdan uzaq olmağa başlamışdır” deməsini də bu nöqteyinəzərlə olduğunu etimal ilə sabit edirik. Yaşadığımız aləm həyatın ən parlaq bir məkəsidir. Belə olunca ən yaxın aləm, həyati-xaricdən alınacaq təəssürat qaynağına ən yaxın ətrafındakı mühit deyilmidir? İştə bu nöqteyi-nəzərlə Cavidə yanaşınca elə təsir bağışlayır ki, guya Cavid heç bir vaxt içində yaşadığı mühitdən maraqlanmamış, ölkəmizin, xalqımızın rəngarəng həyat və məişəti onu heç bir vaxt mütəəssir etməmişdir. Biz onun heç bir vaxt xalqımızın fəryadları ilə inlədiyini, xalqımızın sevincləri ilə güldüyünü görə bilmirik. Zatən bir şair də xarici təəssüratı yaşadığı mühitdən deyilsə, nərədən ala bilər, əcəba? Gözünün önündə xalqımız bir çox mübarizə dövrləri keçirmiş, məhkumluqda xırpalandığı, hüququ tapdandığı vaxtlar olmuş, fəqət buna qarşı Cavidin “burak məni hayqırayım” – deyə coşduğunu, sızladığını, ağladığını görə bilmərik. Xalqımızın bir çox matəmləri, bir çox bayramları olmuş və olurkən Cavid bunların həpsinə soyuqqanlılıqla baxır, heç qımıldanmır da. Yalnız harada isə xəyalı bir afət bulur, onu bulvarlarda öpüşdürür. İştə bu qədər... O zaman nəyə lazım bir şairin atəşlər yağdırmağa müqtədir qələmi? Bizcə, xalqımız sənətxanələrdə, dəzgahlar önündə çalışarkən, ocaqlar qabağında ağır çəkiclərini zindanlara çırpırkən Cavidin yanında görməli və “Yan ocağım, can göstər” deməsilə şirin-şirin oxşayışlarından qüvvət almalıdır. Xalqımız qanlı cəbhələrdə haqq, hüquq mübarizəsi aparırkən Cavidin yanında görməli və dadlı oxşayışlarından qüvvət və cəsarət almalıdır. Xalqımız yas günlərində əsirliyə, əzilməyə məhkum qalır. Səssiz-sözsüz ağlayırkən və ümumi fəlakət və haqsızlıq sükutu içindən Cavidin “Bir vulkan kimi partlayıb”, “burax məni haykırayım” – deyə qopardığı fəryadları ilə öz kədərini əks etdirməli, hal və keyfiyyətini anlatmalıdır. Halbuki, bunlar Caviddə yox. Əcəba, bütün dühasının əsası həssaslıq olan bir şair duyğusu yox – söylənilməz, nə olur əcəba? Nə olursa-olsun, hər halda Cavid burada, Azərbaycanda yoxdur. Türkiyənin ziyalı olaraq, daha doğrusu, planetlərin birindən əsərləri üçün mövzu arayır. Ona Azərbaycan mövzuları əl vermir. Halbuki, söylədiyimiz kimi ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bəyan edənlərdir. III Burada deyə bilərlər və deyirlər də ki, pəki Cavid Azərbaycan məişətini yazmayır, İstambul həyatını təsvir edir. “Uçurum və sairədəki vəqələr də İstambulda cərəyan edir. Bəlkə də oranın bəyan hal keyfiyyətidir. İştə ən mühüm məsələ də burasıdır. Cavid kəndisi azərbaycanlı ikən, Azərbaycanda yaşayırkən, burada təsvir üçün bir həyat, ya bir tip bulmayırmı? Azərbaycan həyatından bir mövzu götürə bilmirmi? Nəhayət, Azərbaycanda həyat yoxmudur? Bizcə, bunların heç birisi deyildir. Cavidin Azərbaycanda oturub Istambuldan yazıyoram deməsinə iki səbəb ola bilər. Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün quraşdırıyor ki, yaradacağı süni həyat üzərinə “azərbaycanlılar Türkiyəni bilmiyorlar, bəlkə də orada həyat belədir” – deyə susacaqları fikrilə mən Türkiyədən yazıram deyə, bizdə belə həyat yoxdur, deyən xalqdan yaxa qurtarmaq istəyir və yaxud İstambulda oturub da dövrəsindəki həyata göz yumub düxtəri-hindu, Atilla və sair əsərləri ilə Hindistanı, Avstriyanı daha bilməm nərələri təsvir edən yazıçılara təqlid etmək, ediyor və hələ də onların təsirindən yaxa qurtara bilməmişdir. Göz önündə hər gün gördüyü tatyanaları buraxıb da, Fransadan, bilməm İtaliyadan bir taqım şeylər yazan yazıçılar rus ədəbiyyatında da ümumən hər millətin ədəbiyyat tarixində yox deyildir. Fəqət bu yazılar bir Tatyana, bir Onegin qədər yaşayamayırlar. Biz Lermontovu götürsək ki, hər yerə getmişsə bulunduğu mühiti təsvir etmişdir ki, ona görə də çox zaman Qafqaziyada bulunduğu üçün oradan aldığı təəssürat üzərinə yazdığı əsərləri oxuyanlar Qafqaziya xalqı, onun həyat və məişətini, adət və ənənələri xüsusində Cavid oxucularından daha çox və daha doğru məlumat və təəssürat ala bilərlər. Burada başqa bir etiraz da ola bilər. Deyərlər ki, neçün sən bu qədər dar bir Azərbaycan çərçivəsinə soxulmuş da, kənara çıxmaq istəməyir və Cavidi də kəndin ilə bərabər o çərçivə arasında boğmaq istəyirsən. Cavid 70-80 milyonluq türk dünyasını təsvir etmək və ya bəşəri simaları yaratmağa çalışır. Ona görə də onun yazıları da Azərbaycan həyatını təsvir etməyə bilər, bu bir nöqsan da olmaz. Belə olsaydı, biz bu fikir ilə şərik olardıq. Xüsusən nə Türkiyəyi, nə Türküstanı və başqa türk ölkələrini şəxsən görmədiyimiz və ancaq uzaqdan-uzağa xüsuslarından məlumat aldığımız üçün “Əvət ola bilər Cavidin təsvir etdiyi həyat Türkiyədə, ya Qırğızistanda vardır, ola bilər. Cavid bəşəri əsərlər yazmaq istəyir də, ona görə dar Azərbaycan çərçivəsində yaşaya bilmir. Onun fikir dühası daha geniş fəzaları qucmaq, əhatə etmək istiyor” deyə susardıq. Fəqət müttəəssifanə bunu da qəbul etməyəcəyik. Çünki Cavidin əsərlərində adətən həyat olmadığı kimi, elə nöqtələri də vardır ki, bizi belə düşünmək imkanından məhrum buraxır. Biz Cavidin mümkün olursa bütün əsərlərini məhdud qüvvəmiz daxilində ayrı-ayrı təhlil etmək istəyirik. Fəqət burada yeri gəlmişkən yuxarıda söylədiyimiz məsələ ətrafında Cavidin bütün əsərlərində mövcud və hamısı üçün ümumi olan bir neçə nöqtə göstərəcəyik ki, bu nöqsanların olması ilə Cavid həyatın, ya tiplərinin heç bir yerdə, xüsusilə, nə Türkiyədə, nə də başqa bir türk ölkəsində mövcud olduğunu qəbul etmək olmaz. Cavid türklük əhvali-ruhiyyəsini, onun xüsusiyyətlərini adət və ənənatını deyil, olduğu kimi təsvir etmir. Hətta çox vaxt bu həqiqətlərin xilafına yazır ki, bunun üzərinə bəzən türkliyə həddindən ziyadə yaxşılıq, bəzən də bir türkün qətiyyən yapamayacağı hərəkətlər vücuda gətirir ki, bir çoxları türklərdə belə şey olmaz – deyə haqlı olaraq etirazdan kəndilərini alamıyorlar. Bunu isbat üçün biz Cavidin əsərlərindən bir qaç timsal göstərmək istəyirik. Fəqət bundan əvvəl məram aydın olmaq üçün ufaq bir timsalla məsələyi izah edəlim. Bəlli şeydir ki, hər şəxsin olduğu kimi, hər millətin, hər qövm və irqin də kəndisinə məxsus xüsusiyyəti vardır ki, bu xüsusiyyət heyət ümumiyyəsilə onlarda bulunur və o millətdən bir nümayəndə təsvir edərkən götürülən tip bu xüsusiyyətlərə müxtəlif hərəkətlər də bulundurularsa, o yazıçı, o milləti anlamamış deməkdir. Məsələn, həbəşlərdə xüsusi, təbii bir hal vardır. Onlar müəyyən bir dərəcəyə qədər hətta avropalıdan daha çox istedad göstərərək oxuyub öyrənirlər. Fəqət müəyyən bir hüduda varınca durur, öldürsələr də, bir kəlmə artıq öyrənəməz, bir addım irəliləməzlər. Başqa daha yaxın bir timsal: hər kəsə bəllidir ki, türk xilqətən, ruhən igid, alıcı bir əsgərdilər. Fransadamı, Türkiyədəmi, Türküstandamı bir kəlmə, nərədə olursa olsun, igid bir əsgərdir. Bəlkə də türk ordusunda bir-iki, beş-on qorxaq bulunur. Fəqət türk ordusu təsvir edilərkən bunlar nümunə götürülməzlər. İstisnalar bir tip olmaz, tiplər heyətiümumiyyənin nümayəndəsi olmalıdırlar. İndi bir yazıçı türk ordusundan təsvir etdiyi bir əsgəri qorxaq yaradırsa və Türküstanda türk əsgəri belədir – deyirsə, mən Türküstanı görmədiyim halda onun dediklərini qəbul etməm və kəmali-cəsarət və qeyrətlə: “sən türklüyü anlamayırsan” – söyləyərəm. Çünki igidlik, igid və fədakar bir əsgər olmaq türkün əsas sifəti, xüsusiyyətidir. Sənin yaratdığın hər halda türk deyildir. Burada daha aydınlıq üçün Şekspirdən ufaq bir timsal ilə Cavidin əsərlərinə keçəlim. Hər şeydən əvvəl söyləyəlim ki, bir rəssam, bir yazıçı təsvir etdiyi bir şeyin əvvəlcə əsas sifətlərini, xütut əsasiyyəsini götürməli və onun ətrafında ufaq xətlərini çəkməlidir. Möhtərəm Kazımoğlunun xüsusi mübahisəmiz zamanı söylədikləri bir şir çəkmək istəyən bir rəssam ilk əvvəl onun xütut əsasiyyəsini bulmalı, məsələn, əli, qüvvətli bir köks, qalın biləklər, iti xonxar dişlər, müdhiş və yırtıcı caynağını, əzici, mühib gözlərini xütut əsasiyyə olmaq üzrə qeyd edər və bunun ilə də əsasən rəsmin mühüm qismi bitmiş olur. Sonradan bunun ətrafında ufaq xətlərini çəkər. Ədəbiyyatda da belə olmalıdır. IV Götürəlim Şekspirin işbu halda gözəl timsal ola biləcək “Otello”- sunu. Orada Şekspir bir Mavr yaratmışdır. Ona mənsub bulunduğu qövmin əsas sifətlərini və xüsusiyyətlərini vermişdir. O dost sandıqlarına bütün səmimiyyətlə inanar, hətta namusunu, ürəyinin bir parçası olan Dezdemonanı belə ona etibar edər, tapşırar. O, bəyəndiyini bütün varlığı ilə, bir çocuq səmimiyyəti ilə sevər, uğrunda həyatını əsirgəməz. Şübhələndiyi adamın isə həyatına təhəmmül edəməz. Cigərinin yarısı belə olsa onu canavar kimi, yırtıcı kimi didər, xırpalar, məhv edər. Hərbdə dünyadan ayrılmış bir əsgərdir. Evdə dünyadan ayrılmış bir ər, onun üçün orta yoxdur. İştə mədəni, binaənəleyh, fikri təkamülün ədəm mövcudiyyətindən, səmimiyyəti pozulmamış sadədil həbəşilik ilə cəngavər ərəbliyin qatışmasında vücuda gəlmiş bir Mavr ki, bunun üzərinə Otellonun kim olduğu bilinməsə belə, hankı qövmə mənsub bulunduğu təxmin edilə bilər. Çünki belə adamlar mavrlarda hər addımda bulunur. Götürəlim Yaqonu, Şekspir özü ingilis olduğu halda, ingilis adı ilə yaratdığı Yaqoya kəndi sənəti xatirəsi üçün bilatərəddüd ingilisliyin əsasi sifətlərini vermişdir. Hiyləgər, dəssas, görənə bir tor qurar. Ən yaxın bir dostunu öz hiylələri üçün vasitə yapıb oyuncaq kimi oynatmaqdan çəkinməz. Təqsirsiz, günahsız insanları çaşdırıb çarpışmalarından, tökdükləri qanlardan istifadə edər. Öz hərəmi, öz namusu üçün birinin əlilə başqasından intiqam almaq istərkən arada altun qazanmağı da unutmaz. İştə tam mənası ilə bitərəfanə və sənətkaranə yaradılmış bir ingilis bu əsas sifətlərdən sonra Şekspir onun ətrafında fırçası ilə ufaq xətləri çəkmişdir. Həmçinin Dezdemona sadədil, hər şeyə aldanan, heç bir şeydən fənalıq hiss etməyən, bütün səmimiyyətlə sevməyə və sevgisinə bütün səadətini, adını belə fəda etməyə müstəid venetsiyalı bir qadın, eyni halda Radriko oyuncaq kimi əldə oynayan sadədilliyi qismən sərsəmliyədək varan Dezdemona ilə bir çox yerdə ümumi xüsusiyyətlərə malik ikinci bir venetsiyalı. İştə sənətkarlıq. Şekspir bəşəri miqyasda yazdığı əsərində ingilis adı ilə sadədil bir oyuncaq təqdim etsəydi, Şekspir olmazdı, bəlkə də ingilislərdə belə sadədillər yüzlərcə bulunur; fəqət bunlar ümumiyyət üçün bir timsal, bir tip ola bilməzlər. Burada Şekspir də Ingiltərədən çıxır, Venetsiyaya gedir. Fəqət əvvəla qəhrəmanlarının heç birisi ingilis mühitinin təsirindən yaxa qurtarmamışlar, həm də heç bir şeyi, heç bir şəxs öz vəsf əsasını qayib etməmişdir. Burada sənət bütün mənası ilə arada, sənət bütün gözəlliyi ilə gülümsəyir. Burada həyat təsvir olunur, həm də o, nə göylərdən götürülmüş, nə də fotoqraf şişlərindən çıxarılmışdır. Yazıçı həyatı təbii, özü hiss etdiyi, anladığı kimi yazmış, onun vəsfi-əsasını qeyd etmiş, həm də oxucuda, ya seyrçidə bir həzzi-mənəvi, bir həyəcanibədi təmin edir. Həm də əlavə olaraq bir hüsn əxlaq da təbliğ edir. Bu da bir məziyyətdir ki, burada sənət sənət üçün olmaqla bərabər, sənət həyat üçün olmuş olur ki, ən böyük sənətkarlıq burası və ən böyük qiymət də burasındadır. Şimdi bu nöqteyi-nəzərlə Cavidin tiplərinə yanaşalım. İlk əvvəl onun türklərini götürəlim. Cəlalı timsal intixab edək. Zatən bu adam keçmişi dumanlı, qırıq, yarımcan bir simadır. Fəqət buralarını o cür ruha və onun tiplərinə yanaşacağımız zamana buraxıb indilik, onun xasiyyətindən ayrı-ayrı timsallar götürürük. Cəlal Anjeli sevir, onu evində saxlayır. Heç bir vəchlə ondan ayrılmayacağını bildirir. Fəqət bir qədər sevdiyi aciz bir qızı, gücsüz bir mələyi bir fransız təhdid edirkən və himayəsinə tapındığı dilbərin qorxduğunu götürkən, Cəlal buna qarşı “tədbir etmək lazımdır” – deyir və susur. Bu hal bir türkə yaraşırmı? Nerədədir ümumən Şərqin, xüsusilə türklüyün coşqun qanı, nerədədir namus və silahından başqa bir şey görməyən türklük?! Bir türk, xüsusən Cəlal kimi əsəbi bir türk sevdiyini təhdid edən bir fransıza qarşı tədbir üçün heç düşünə bilərmi? Düşünməyə vaxt bulurmu? Həmin ardınca fırlayıb yaxalamaz, yaxasını əzməzmi? Heç olmazsa bir ziyalı qovqasına da olsa, duelə də olsa dəvət etməzmi? Belə bir yerdə fransız bəlkə də tədbir arar, bir ingilis bəlkə də hiylələrə çalışar. Fəqət bir türk düşünə bilməz. Bu hələ azdır. Cəlalın şəri hərəminə, öz gözü önündə izhar təəşşük, hətta hərəmi də başqalarla sevişir. Cəlal bunu görür. Fəqət bir neçə saçma sapandan başqa bir şey yapmıyor. Bu nə deməkdir? Insanın çıldıracağı gəlir, bir fransız hərcayısının müaşiqəsinə qızan Cəlal öz şəri hərəminin xəyalına qarşı susur. Halbuki, bir filosof də deyildir. Qısqancdır. qadınların ümumiləşməsi tərəfdarı da deyildir. Acığı gəlir, amma susur. Tühaf deyilmi? Bu hal, qısqanc, coşqun bu kimi ittifaqlarda adətən bir yırtıcı kəsilən türklüyün xüsusiyyətlərinə zidd deyilmidir? İldırımı götürək. O öz namusunu belə özünə tapşıran Cəlalın evində onun namusuna toxunur. Hərəmi kimi satılan Anjeli sevir və əvvəldən tanıdığı xeyirxahlıq bəhanəsilə alır, qaçır, türklər daha fəna işlər görə bilərlər. Fəqət yoldaşa xəyanət etməzlər... V Göyərçinə gələlim. Birinci pərdədə ərinin xəyanətini görməmişkən belə ərinin ardınca tökdüyü göz yaşları qurumamışkən, əri küçə qapısından hələ çıxmamış başqaları ilə sevişməyə başlayır. Birinci pərdədə bunu sözlə deməsə də bir kəlmə Əkrəm deməsi izhari-təəşşüq olub, çocuğu qoynunda olmazsa, Əkrəmin ağuşuna atılacağını bildirir. Belə bir vəziyyət alır. Həm də bu bir həqiqətdir ki, gələcəkdə də isbat olunur. Ərli bir qadınkən əri üçün ağlayaraq sevişir. Yavrusu üçün ağlayaraq sevişir. Möhtərəm Kazımoğlu bunu bir ümid, həyat tələqqi etsələr də, biz yavrusu üçün çıldırmış məngənələrdən yavrusunu istəyən bir qadının ümid, həyat olaraq yeni bir eşq intixab edilə biləcəyini, yeni bir əl aranılacağını heç bir vəchlə qəbul etmək istəmərik. Göyərçin sevişir, Afət də elə görəni sevər, tində öpüşər, bulvarda öpüşər. Nəhayət türklükdə saf əxlaqlı bir qadın yoxmu? Halbuki türk qadını dağlarda qoyun otarar, təkbaşına evdə qonaq qəbul edər, əsgərlər arasında çalışar... fəqət uyuyurkən namusu qoynunda olur. Bəlkə bir fəlsəfə ilə bunun bir namus olmaması iddia olunur. Bəlkə Cəlal üçün iddia etdiyimiz qısqanclıq mənfi bir sifət ədd edilər? Fəqət bu türklükdə bir etiqad, bir xüsusiyyətdir ki, onun ilə hesablaşmalıdır. Cavidin Edmon adlı bir fransızı vardır. Təbiətinin, mühitinin, tərbiyəsinin xilafına olaraq ona verilmiş sərtlik, cəngavərlik, qısqanclıq kəndisini aldadan, kəndisini sevməyən bir qadını öldürməklə də iktifa etməyib, canavar kimi bir dəqiqədə bir öldürməyə hazır olmaq xassəsi Cəlala (bu türkə) daha uyğun, bir fransıza heç də yakışmaz bir şey olduğu etiraf olunmazmı? Bu nöqtələr həm bir türkün, həm də bir fransızın əsas sifətlərinə təzad, onların xüsusiyyətlərini düz təsvir etmək deyilmidir? “Afət”dən Ərtoğrulu götürəlim. “Afət” Cavidin son əsəridir. Ona görə timsallarımızın çoxusunu oradan alırıq. Bunun ilə bərabər bizcə “Afət” bir əsər, sənət olmaqdan daha ziyadə bir şaşqınlıqdır. Mövzu aranmış, bulunmamış da, bir “Afət” ixtira edilmişdir ki, bu xüsusdan ayrıca söyləməyi daha müvafiq buluyoruz. Ərtoğrul kəndisindən xoşlanmadığı Qaratayı öz evində təhqir edir... Nerədə qaldı, əcəba türklüyün bütün dünyada şöhrət qazanmış qonaqsevərliyi? Bir türk adam öldürər, cinayət yapar, nə söyləsəniz edə bilər. Fəqət öz evindəki qonağı təhqir etməz. Ərtoğrul, Qaratay, Afət, Altunsaç bəlkə də başqa qadınları da aldadıb namuslarını çeynədiyi üçün, söyə də bilər, döyə də bilər, öldürə də bilər. Fəqət hər halda sakın, bunu öz evində icra edə bilməz. Bu türklüyün ənənatına, xilqətinə ziddir ki! Bunun üzərinə hər bir türkün öz izzət-nəfsi təhqir edilmiş sanıb. Xeyr bu yalandır, türk öz evində qardaşının qatilini belə görürsə, evində olmaq hissilə, ona əl açmaz onu təhqir etməz – deməyə haqqı vardır. Haqqı vardır iddia etsək ki, bir türk anası kəndisinə pənah gətirmiş oğlunun qatilini onu təqib edən düşmənə təslim etməz. Binaənəleyh, kəndisi ilə çəkişənlərdən intiqam almağa kəndisinə tapınanları əfv etməyə müstəidçilik, iradəli, xəfif, incə hissli geniş, bağışlayıcı ürəyə malik türk qadınları Cavidin uçurumuna yuvarlansa da kəndisinə tapınan Cəlalı bağışlamaya bilməz. Çünki bu onun təbiəti, bu onun xüsusiyyəti, bu onun əsas sifətidir. Bəlkə də bu xassəyə malik adamlardan türklük də buluna bilər, fəqət bunlar tip götürülə bilməzlər. Azərbaycanda hər gün, hər ay yüzlərcə adamlar öldürülür və həpsi unudulurkən bilməm qaç illər bundan əvvəl bir novxanılının öz evində belə deyil, təkcə kəndlərində qonaq olan bir nəfərə təcavüz etməsi heç bir dürlü unudulmur. Indi də hərdəm “qonaq kəsən novxanılılar” – deyə xalq həm istehza, həm nifrət edir. Xalqımızın bu əhvali-ruhiyyəsi, hər kəsdən əvvəl bir psixoloq olması icab edən Cavid tərəfindən nədənsə heç görülməyir, hiss edilmir. Beləliklə, şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə həyat tərəqqi edüb qadınlarımız açılınca 50 ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da bəlkə Türkiyədə buluna bilər deyənlərə də cavab verilmiş olur və yuxarıda bəzi timsallarını göstərdiyimiz səbəblərə görə də biz deyirik ki, qırx il də, əlli il də bundan sonra Azərbaycan ya türklüyün başqa bir ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir, çünki tip əsasən xüsusiyyətlərinə adi bir surətdə təsvir edilmişdir. Gənc həvəskarlarımızda yanlış bir zehniyyət vardır. “Həyatımızda və yaxud həyatda belə şey, elə bir şəxs yoxdur” – deyincə “vallah filan adamın başına gəlmiş bir qəziyədir. Gözümlə görmüşəm və eynilə yazmışam” – deyə and içməyə başlayırlar. Bu yanlış bir zehniyyətdir. Bir dəfə bilməlidir ki, müstəsna vəqələr və şəxslər nə mövzu götürə bilərlər, nə tip. Götürülən mövzu yüzlərcə vaqe olan adəti, vəqələrin parçalarından, tiplər də bu xalqın ümumiyyətindən parça-parça götürülüb onun ümumi həyat və məişətini, onun adət və ənənatını, milli etiqadını, psixolojisini təsvir etməli; canlandırmalıdır ki, hər kəs səhnədə bir nəfəri görüncə həmin yüzlərcə elə adamlar tanıdığı xatirinə gəlsin. Cavidin əsərləri oxuculara, xüsusən tamaşaçılara lazımi təsir bağışlaya bilmirlər. Görürsən, Arif çoxdan bəri axtardığı qardaşını qətl edir, ötədə də bir qaç cənazələr yıkılmışdır. Ölülər rəqs edir. Mənzərə o qədər də müdhiş təsvir olunmuş ki, Arifin gözündə hətta ölülər belə rəqs edir. Burada bizcə tamaşaçıların da ruhu, hissiyyatı Vasifin cənazəsi ilə bərabər rəqs etməliydi. Halbuki, həqiqət belə deyildir. Burada ancaq əvvəli Vasif başını qaldırır, rəqs edir, tamaşaçılar isə lazımi qədər mütəəssir edilmədiklərindən, ruhları rəqsə hazırlanmadığından bir dürlü rəqs edə bilmir, hətta Vasifin də rəqsinə gülmələri gəlir. Halbuki əsil məqsəd də tamaşaçıların ruhunu həmin rəqsə iştirak etdirməkdir. Sənət də, sənətkarlıq da həp burasıdır. Məharətli bir yazıçı bu mənzərəyə tamaşaçıları iştirak etdirə bilərdi. “İblis”də isə bu yoxdur. VI “Uçurum”da Göyərçin pək sevdiyi əri tərəfindən rədd edilir, yeganə mədər təsəllisi olan məngəşəsini Bosfora düşürür, tamaşaçıların ruhu qımıldanmır. Göyərçin solğun çiçəkləri bağrına basıb da münəqqişəsini oxşayır. Seyrçi laqeyddir. Halbuki, burada Göyərçinlə bərabər seyrçilər də çıldırmalıdırlar. Bu yoxdur. Bu mənzərə ancaq Cəlala təsir ilə uçuruma sövq edir. Seyrçilər isə burasında belə bitərəfdirlər. Balasın itirmiş bir ananın məlalını xəyallarında bir dürlü təsəvvür edirlər. Amma əsərdən belə təəssürat almadıqları üçün xəyalları, təsəvvürləri də belə xəyal olaraq qalır. Onlar Cəlalı uçuruma sövq edən həyəcanı ala bilməyirlər. Halbuki, əsil məqsəd burası, sənətkarlığı, məharəti də həp elə burası olurdu. Afət Özdəmiri zəhərləyir, maraqlanan yox. Ərtoğrul rədd edilir, əsəbiləşir, çıldırır, mütəəssir olan yox, Afət Qaratay tərəfindən rədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət intihar edir, mütəəssir olan yox. Bir kəlmə, Cavidin yazılarında tamaşaçılar səhnədəki həyatla yaşamayırlar. Onlarda Cavidin təsəvvür etdiyi əhvaliruhiyyə, lazımi həyəcani-bədii vücudə gəlməyir. lazımi həzzi-mənəvi təmin edilməyir ki, əsərin əsil qiyməti də burasındadır. Belə hallarda tamaşaçıların əhvali-ruhiyyəsini təhlil edə biləcək bir psixoloq olursa, bəlkə də bunun səbəbini anlaya bilər. Biz şəxsən hissiyyatımızı təhlil edərkən belə bir nəticəyə gəlirik. Tamaşaçının bir ya digər hiss ilə məhsus olması bu ya digər hala girməsi üçün Arif ağlayan yerdə ağlamaq, Göyərçin çıldıran yerdə onun ilə iştirak etməsi üçün lazımi şərait vücuda gətirilməyir. Tamaşaçıların ruhu bu ya digər vəqədən lazımi dərəcədə mütəəssir ola biləcək qədər hazırlaşdırılmayır. Halbuki, həyəcani-bədiiyə səbəb olan həzzi-mənəviyyəyi təmin edən şeylərdə həp bu təəssüflər, bu sevinclər və bu kimi tamaşaçının adi halından çıxıb, qeyri-adi bir hala girməsinə səbəb olan şeylərdir. Turgenev “Peqaz”, ya “Mumu” adlı yazılarında bir itin keyfiyyətini onun gənclikdən ayrılıb da qocalması ilə sükutunu o qədər məharətlə təsvir edir, oxucuları o qədər hazırlayır, o qədər mütəəssir edir ki, adətən bütün oxucular sanki Peqaz ilə bərabər qocalırlar. Bütün oxucular Gerasimdən əvvəl üsyan etmək dərəcəsinə gəlirlər. Deyə bilərlər ki, pəki həyatı yaz deyirdin. Cavid də yazmış. Tamaşaçılar mütəəssiz olmuyursa Cavidə nə borcdur. İştə biz bu yerə gəlib çatmağı gözləyir və bu məsələni söylərkən qəsdən burasını sükut ilə keçmişdik. Biz Cavidin yaratdığı həyat təbii olmayıb, süni olduğunu və şəxsiyyətlərin əhvali-ruhiyyəsindəki incəliklərin və mühüm nöqtələrin meydana gəlməsi üçün lazımi şərait vücuda gətirilmədiyini bir yana buraxıb da ümumən söyləmək istərik. Həyatı olduğu kimi təsvir etmək istəyənlər heç bir vaxt fotoqraf olmaq istəməzlər. Əvvəla onlar adi halları deyil, kəndilərini mütəəssir edən hallar götürürlər. Biz hər bir halın, hər bir yazıçıya ruhuna görə başqa-başqa təsir bağışlayacağı məsələsində durmaq istəyirik. Hər bir mənbəi-təsir hər bir yazıçıya onun həyat ümumiyyəsi, xatiratı, əhvaliruhiyyəsi, məslək və əqidəsi üzərində başqa-başqa təsir edə bilər. Məsələn, bir məzarıstanı eyni vaxtda bir qaç yazıçı seyr edərsə, biri onun görünüşündən kədərlənir, digəri bir zövq duyar, xülasə, hər kəs gözləri ilə baxar və bir dürlü görə bilər. Bir şəxsi hər kəs öz qüvvəsinə görə öz istedadı ilə bir cür görə bilər. Biri onu aşiq, biri filosof biri də sadəcə dəli görə bilər. Hər halda götürülüb mütəəssir olunandan sonra yazıçı olan aldığı təəssüratı və öz hissiyyatını təhlil edər... Həmin təəssüratda bu ya digər hissi təhrik edən nöqtələri bulur. Seyrçilərə, oxuculara kəndi duyduğunu olduğu kimi verə bilmək üçün lazım olmayan yerlərini atar, çatışmayan yerlər varsa, həyatın başqa bir yerindən bir parça əlavə edər və bu şeyləri kəndi süzgəcindən keçirib, xüsusən canalıcı nöqtələrini, əsas cəhətlərini elə bir halda meydana atar ki, həm həyat olduğu kimi təbii halında təsvir olunar, həm yazıçı fotoqraf olmaz və beləliklə əvvəldə dediyimiz kimi, bu ya digər qəhrəmanı müdafiə, bu ya digər fikri tərvic məqsədilə əsərlərinin arasından pırtayıb çıxmaz. Tamaşaçılar bu yardıma, daha doğrusu bu vüzulluğa ehtiyac görmədən özlərini həmin əsas nöqtələr, həmin təsir üzrə mühakimə edər, bu ya digərini müqəssir tapar, bu ya digərinə acıyar. Bu, ya digər halda ya ağlar, ya gülər. Bu, ya digər fikri çıxarır. Caviddə isə belə deyildir. O heç bir vaxt canalıcı, psixoloji halları lazımı qədər təhlil edib tamaşaçıların ürəklərini acılayır. Tamaşaçının hissi, qəlbi susur, Ancaq yeni paltara geyindirilmiş əsgi fikirləri əzbərləyərək evlərinə gedir. Qəlb susur, fikir çapalayır. Halbuki, belə birtərəfli əsərlərə əsər, sənət deyilməz. Keçək üçüncü cəhətə: Cavidin əsərlərinin quruluşu pək pozğundur. Məsələn, baxınca ya oxuyunca insan bir çox neçinlər arasında boğulub qalır. VII Şəxslərin keçmişləri, kim və nəçi olduqları, ümumən mahiyyətləri bəlli olmadığı kimi, tiplər bir qaç əsas təriflə də olsa təkmil edilməyib, qırıq və natamam qaldıqlarını və hər kəs əsərdə bir (?) təşkil etdiyi kimi hərəkətlərinin də səbəbləri birər müəmmadan ibarət olub qalır ki, nəticə etibarı ilə tamaşaçı bir çox neçinlər arasında boğulub qalır. Bütün ötələr, adətən, otel şəklini daşıyır. Bir taqım adamlar gəlirlər, gedirlər. Neçin? Bilinmir. Bir taqım adamlar qonuşuyor, çox vaxt kimlikləri də anlaşılmayır. Gecikmiş Qaratayı maarif müdiri buraxıb içməyə gedir. Afət ilə söhbət bitincə gəlib qonağı evə dəvət edir?! Yıldırım, Əkrəm hər daim birər məhrəm kimi Cəlalın evində fırlanırlar. Bunları məhrəm edən nədir, bilinmir. Anjel Fransadan gəlib qəbul otağında ufaq bir sevişmədən sonra atasının evidirmiş kimi, ötəki otağa keçir. Ora getmək lazım olduğunu nerədən bilirmiş əcəba? İnsanlar hərə birini sevir, başqasını alırlar. (Ərtoğrul – Alagöz). Birini sevirkən başqasına gedirlər (Göyərçin – Cəlal). Bir yığın adam həpsi Fransaya göndərilir. Oradan geri həpsi İstanbulda bir saatda xəbərləşmişlər kimi bir otağa doldurulur. Burada da həpsi sürü ilə çıldırıb bir göyə toplanırlar. Hətta Yıldırım da Anjeli qaçırıb ora gəlir. Bunlar (zakaznoy) kimi təsir bağışlayır. Adamlar təbiilik istədiyi kimi deyil, Cavidin arzu etdiyi yerdə bu ya digər hərəkəti icra edirlər. Səbəbləri isə bəlli deyildir. Neçin? Neçin? Neçin? Səbəb yox, cavab yox. Halbuki, təbii əsərlərdə hər hərəkət bir səbəb arxasında olmalıdır. Cavid isə adətən bu cəhətləri unudur. Çox vaxt “Iblis”də olduğu kimi, bir yığın əlaqəsiz vəqələr və ümumən olduğu kimi bir yığın keçmişi, kimliyi mübhəm adamların bir araya toplanmasından bütün dünyanı, həyatı və təbiiliyi unudaraq əsər vücuda gətirir ki, bu da arzu edilməyən bir haldır. Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmamış Cavidi ölçmək doğru olmaz. Müəyyən məktəb, ədiblər vardır ki, hər millətin tarix, ədəbiyyatında olduğu kimi, bizimkindən də təkrar edilməlidir. Əvvəla, Cavid sırf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalistdir. Fəqət Cavid kim olursa, hankı məktəbə mənsub bulunarsa həmin məktəblər üsulu ilə yazdıqlarına müvəffəq olmuşsa-olmamışsa fərq etməz. Şimdi Cavid var. Yazıyor. Ən doğru məktəbi-ədəbi indilik realizmidir və biz də hər kəsi bu arşına ölçər və yazıçılarımızın da bu münval ilə yazmalarını arzu edərik. Keçmiş şairlərimiz başqa! “Məktəblər bizdə təkrar etməlidir” nəzəriyyəsini də qəbul etmirik. Çünki bunsuz da mümkündür. Bizdə lojno klassik dövrü gedirkən Sabir birdən-birə realizmə atıla bilmiş. Nərimanov öz “Pir”ini realizm ilə yaza bilmiş, müvəffəq də olmuşdur. Bu nəzəriyyə millətlər arasında əlaqə, güc olduğu zamanlar doğru olsa da, indiki əlaqə ilə başqa millətlərin ədəbiyyatından təcrübə almaq mümkün olduğu bir zamanda onu iddia etmək yersiz, bəlkə də gülüncdür. Cavidin təqdim ediləcək müsbət cəhətləri də yox deyildir ki, bunları qeyd etməməklə həm yazdıqlarımız birtərəfli olur, həm də Cavidin haqqını inkar etmiş olurduq. Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb çıxaracaqdır. Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeriyyə vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır. Bizcə, “Afət”in bu qədər zəifliyi nəsr olmasındadır. Tamaşaçılar adətən səhnəyi unudur. Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik. Caviddə bir də bir fəlsəfə vardır ki, bu, ədəbiyyatda bir əsas olmasa da, hər halda bir məziyyət kimi götürülərsə, əsərlərinin qüvvətlənməsinə yardım edir. Bu fəlsəfələrin həpsi yeni olmasa da, hər halda yeni və gözəl bir şəkildə meydana çıxarılır ki, bu da bir fəzilət və məziyyətdir. Hər halda bu fəlsəfələr müxtəlif əsərlərdə bir-birinə təzad təşkil etsələr də, Cavidin əsərləri fikir və fəlsəfə cəhətincə bir-birinin mütəmmimi olsalar da, olmasalar da, bizcə, Cavid üçün bir nöqsan olmazlar. Nə isə, bu qədər yazdığımız müsbət və mənfi cəhətləri belə bir cümlə ilə nəticələndirmək istəyirik. Ümumiyyətlə, Cavidin şeirləri, lisanı və fəlsəfəsi, səhnə əsərlərində yarpaqdan məhrum bir ağaca sancılmış allı-yaşıllı çiçəklərə bənzəyirlər, bu ağacın yarpaqlanmasını və təbii bir hal, gözəl bir görünüş almasını arzu və ümidlə bərabər məqaləmizin ümumi qismini bitirirkən, istər ümumən sənət və ədəbiyyat, istərsə Cavid və onun əsərləri xüsusunda yeri gəldikcə, parçaparça, dağınıq bir halda fikirləri aşağıdakı bir qaç sətirdə toplayır və xülasə edirik. Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi həyəcani-bədii təmin etməkdir. “Sənət sənət üçündür” mücərrəd deyil, eyni halda həyat üçün də olursa, həyatda xidmət edə bilərsə, daha gözəl və mükəmməl olmuş olur. Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola bilər ki, belə olunca fəlsəfələr köhnəlsə də, əsərin əbədiliyinə ziyan toxunmaz. “Ədəbiyyat” cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” cümləsini mükəmməl görmür və onu təbiət və sairəni də nəzərə alaraq, ədəbiyyat mühit və cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” şəklində söyləyirik. Sənətkar mühit və həyatı əhvali-ruhiyyəsi və qüvvəsi ilə əlaqədar olaraq götürdüyü kimi, təsirat və hissiyyatını təhlil edib vəsfasasisini bulunca həyəcanibədii oyandırıcı bir tərzdə nəql etmək ilə iktifa etməlidir. Şair yaşadığımız aləmi-həyatın parlaq bir mükkisidir. Xüsusilə Cavidə gəlincə: Bir şair kimi Cavid daxili, mənəvi həyatı ilə məşğul olub, xarici həyatımıza, mühitimizə və xüsusən xalqımız ilə yaşamayır ki, bu birtərəflilik və nöqsandır. Cavidin əsərləri mühit və cəmiyyətimizin ifadeyi-hal və keyfiyyəti deyildir. Cavidin tipləri mənsub bulduqları cəmiyyət və millətlərin vəsafi-əsasinə, xüsusiyyətlərinə zidd nöqtələri havidirlər ki, bu xüsusiyyətlər mənfi də, müsbət də olsa, onlarla hesablaşmalıdır. Cavid hal-hazırda ədəbiyyatımızın yoxsulluğu içində böyük bir mövqe tutur. Onun “Sənan”, “Uçurum”, “İblis” və “Afət” olmaq üzrə əsərlərində görünən eniş pilləsi “Sənan”dan sonra son əsəri olan “Afət”ədək varmış süqutu H.H. kimi bir çoxlarını da görülən təşvişə hələlik ehtiyac hiss etdirmiyor. Bir yazıçının həyatında bilə hallar ola bilər. Biz burasını bir ziqzaq enişi kimi görmək istərik. Biz burasını daha müdhiş, daha qüvvətli yeni hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə bənzətmək istərdik. Biz Cavidin kəndisində bulunduğuna şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və həyatımızın qoynundan doğmuş bir və dilbərədəbi təqdim edəcəyini ümid və arzu edərik. * * * “Ölülər” əsəri haqqında Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalib gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşılığa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş. İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz. Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alınan bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir. İnsan adlı bir təbir meydana çıxıyor ki, onun da mənası belədir: Sən bəşəriyyətin bir üzvünü, onun illər boyu qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-həvasından istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün varlığını xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır ki, onlar deyil ki, öz vəzifeyiictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları üçün... toxundurduqları zərərlər içində bir canidirlər. İştə böylə simalardan biri də bu gün müddəilər skamyasında qarşınızda oturmuş kefli İskəndərdir. O, bu gün qarşınızda gördüyünüz, uzun illər uyğudan sonra göz açmış və kəndisini XX əsrin tərəqqi və təkamülünə qarşı yoxsul, gücsüz və qaranlıqda bulmuş zavallı, halına ağlanacaq şaşqın bir mühitin oğludur. Mən burada asanlıq üçün xalqı, cəmiyyəti bir ailəyə, ailəni də Hacı Həsən əmi olmaq üzrə bir şəxsin simasında toplayıb ümumi nəzəriyyələrdən ayrılmaq və həqiqətin içinə girmək istərəm. Hacı Həsən əmi kəndi avamlığına, qaranlıqda parçalanmasına baxmayaraq, həmin bu İskəndəri min cür nazla tərbiyə etmiş, böyütmüş, gecələr yatmamış, qazanmış, ona yedirtmişdir. Fəqət Hacı Həsən əmi bununla iktifa etməmiş, İskəndəri başlı-başına buraxmamışdır. Onu məktəbə göndərmiş, illərlə oxutmuşdur. Bulunduğu dairədəki hər kəslə bərabər bir yüksəkliyə qaldırmışdır. Mühiti nəzərə alarsaq, deyə bilərik ki, bununla Hacı Həsən əmi öz atalıq vəzifəsini ifa etmişdir. Fəqət Hacı Həsən əmi adi atalar və yaxşı bir ata olmaqla da iktifa etməmiş, o öz oğlunu daha gözəl tərbiyə etmək istəmiş, ağırlığınca pul qoymuş, onu ta Firəngistana qədər göndərmişdir. 7 il onu orada oxutmuşdur. Bu bizim vəqtimizdə bir qədər qəribə gəlməyir. Fəqət mən istərdim ki, buradakı adamların təsəvvüratı bir qədər geniş olsun və həmin bu mühit içinə girib görsün ki, Hacı Həsən əmi bununla nə kimi böyük bir fədakarlıq göstərmişdir. Şübhəsiz, tanışlarbilişlər, Hacılar onu töhmətləndirmiş, oğlunun kafir olacağı ilə qorxutmuş, o, zavallı oğluna nə olacağı xəyalilə gecələr uyuşmamış, Allah mənim oğlumu yoldan sapdırma, ona kömək ol, mənim üzümü xalq içində qara eləmə deyə bəlkə də bir çox uyğusuz gecələri ağlamışdır. O bu kədərlər, şübhələr içində “Allah sənə pənah” – deyə kəndisinə təsəlli vermiş və oğlunun qayıtmasını gözləmişdir. O, istəyir ki, onun oğlu oxusun, böyük, adlı bir adam olsun və o da qoca vaxtında öz oğlunun əqlilə, adı ilə iftixar etsin, lovğalansın. Qoy bunu kimsə onun fənalığına yozmasın. Qoy burada olan vətəndaşlardan ata olmayanlar psixologiyaya ata olanlar kəndi ürəklərinə müraciət etsinlər və görsünlər ki, bu hər bir atada təbii bir atalıq hissidir. Xüsusilə Hacı Həsən əmi tək bunları da düşünməmiş, o deyil, müsəlmanları oxumadıqları üçün töhmətləndirir... Qoy müsəlmanlar da oxuyan olsun, burada bir vətəndaşlıq, dindaşlıq, nə isə ictimai bir duyğu bir rəng də vardır. Soruyoram mən hər kəsdən ki, bu yoxsul, zavallı mühitdə bundan artıq nə yaxşılıq, nə atalıq haqqı gözləmək olar?! Hətta vəqtimizin ataları belə, iki faiz böylə atalar göstərə bilməzlər ki, hər hansı bir fransız, ya ingilis öz oğluna bundan artıq əmək sərf etmişdir. Hacı Həsən əmi öz atalıq vəzifəsini bir qədər geniş ölçüdə götürüb, mühit, İskəndər xüsusunda öz vəzifəsini artıqlamasilə ifa etmişdir. İştə on il keçir, İskəndər Firəngistandan dönüb gəliyor, Hacı Həsən əminin ürəyi döyünür, çünki bu qədər çəkdiyi zəhmətlərin töhmətlərin, iztirabların hədərmi, yerlimi olduğu, ümumiyyətlə nəticəsi şimdi anlaşılacaqdır. Hər kəs maraqlanıyor ki, əcəba İskəndər nə olmuş qayıtmışdır. Zatən şimdi də hər kəs maraqlanıyor. Fəqət mən sizi maraq içində boğmamaq üçün əvvəlcədən söyləyirəm. Bilirmisiniz İskəndər nə üçün qayıtmışdır? Hakim əfəndilərin müsaidəsilə kefli İskəndər ki, mühitin ona verdiyi bu adı təhlil etdikdə əxlaqsız, tərbiyəsiz, işsizgücsüz, tənbəl, birisinə it küskürər, o birisini yalandan aldadar, çocuqları yoldan çıxarıb səfalətə alışdırmağa çalışar, mühitin adətlərilə ənənələrilə hesablaşmaz, heç bir sözün yerini, heç bir hərəkətin vaxtını bilməz, başsız-ayaqsız bir səfil, bir sərxoş qarşısında mühiti, bu bədbəxt, qaranlıq xalqı cəhalət didiyor, əziyor, parçalayor, məhv ediyor, möminlərlə Şeyx Nəsrullah bu bədbəxtləri aldadaraq namuslarına toxunuyor, irzlərini-namuslarını canavarlar kimi çamurlara çırpıb tapdayor, bunların həpsini görüyor, bir ölü kimi hərəkətsiz qalıb ona müəyyən bir yol göstərməyir, onun üçün çalışmayır, xalqın səadəti üçün bir diləyi yox, bir ideyası yox, ictimai işlər üçün bir projesi yox, öylə səfil bir halda diyirlənib gediyor. Fəqət əfv edərsiniz. “İskəndərin bir idealı, diləyi yoxdur” – deyincə, mən burada bir haqsızlıq tapdım. Hər halda İskəndərin bir diləyi, bir idealı vardır. O da bilirmisiniz nədir? Bir şüşəni səhərdən içib axşama kimi, o biri şüşəni də axşamdan içib səhərə kimi keflənmək və İsrafil surini çalıncayadək ayılmamaq. Əfəndilər, mən bilirəm və siz şimdicə görərsiniz ki, müdafe əfəndilər deyəcəklər ki, İskəndəri içməyə məcbur edən mühit özüdür. O, mühitdə gördüyü rəzalətləri, qaranlığı görmiyor, mühit onu anlamıyor, o da bütün bu fəlakətləri alkoqolla sərxoş qoynunda boğmaq, xırpalamaq istəyor. Əvət mən əvvəlcə dedim ki, yürüdəcəyimiz mühakimələr bitərəflik və ədalətdən ayrılmalı, haqlar etiraf edilməlidir. İştə mən də sözümə sadiq qalıyor, hətta etiraf ediyor və deyirəm: mühit İskəndəri anlamayor. Fəqət qoy buna qarşı hər kəs, xüsusilə müdafe əfəndilər əllərini vicdanlarının üzərinə qoyub etiraf etsinlər ki, İskəndər özü də mühiti anlamayor, anlamağa çalışmayor, anlamaq istəmiyor. Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu onun üçün bir o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir. Cəhalət xalqı parçalayır. Burada mübarizə gərəkdir ki, gecələr uyumasın, müəyyən yollar, planlar düzəltsin. Bütün varlığilə ayıq bir fikir, düşüncə ilə xalqın içinə atılıb onun ruhunu, adət və ənənələrini, tradisiyasını, psixologiyasını bütün dərinliklərinə, görülməz incəliklərinə qədər öyrənib onu təhlil etsin və bunlar üzərinə gecələr uyumayıb müəyyən planlar qursun, yollar düzəltsin və gündüzlər haman yolları xalqın anlayacağı bir tərzdə həyata keçirsin, xalqa anlatsın, öyrətsin, xalq üçün bir müəllim olsun. Fəqət İskəndərdən böylə başyorucu şeyləri sormayın, zatən bunları düzəltmək üçün ayıq bir vaxtı yox ki! O, böylə cəfəngiyata baxmaz. O, hər şeyi təsadüfi görmək istər. O, sistema, üsul-filan tanımaz. Yolunda yaxşılıqdan başqa heç bir şey etməyən, kəndisini heç bir şeydə müqəssir bilməyən Hacı Həsən əminin yanına gəlir və heç bir söz demədən, səbəbini anlatmadan birdən başlar: tfu sənin üzünə! H a c ı Nəcəfəliyə yetişir, heç bir söz demədən mars-mars, kus-kus deyə itə yedirtmək istəyir. Axı neçin? Səbəbi bəlli deyil. İskəndər özü bilir. Və yaxud iki aydan sonra gedib qəbiristanda ölülərin məzar daşlarına nəsihət söylər. İştə İskəndərin bütün mübarizəsi “mühit onu anlamayır” – deməklə buradan çıxılmaz hər bir yenilik, hər daim kəndisinə bir çox rəqiblər bulmuş və ancaq böyük sistematik mübarizələrdən sonra, anladandan sonra təzvic edilə bilmişdir. Bu gün mühiti təqsirləndirəcək və İskəndəri haqlandırmağa çalışacaq. XX əsrin oğulları olan müdafiələr qəti deyə bilərlərmi ki, yarın onlar özləri bir İskəndər qarşısında qalınca H a c ı Həsəndən daha fəna bir vəziyyət almayacaqlar. Təsəvvür ediniz güzdəkli... oğlu Səməndəri böyük zəhmətlərlə Petroqrada oxutmağa göndərmiş ki, gəlsin adətən bir insan olsun. Səməndər getmiş, 10 ildən sonra Güzdəyə qayıtmış, fəqət nə cür qayıtmış? Bütün paltarlarını soyunmuş, lüt madərizad o kəndin içində gəziyor. Bir qonaqlıqdan gələn anasını küçənin ortasında yaxalamış və birdən birə: tfu sənin üzünə! Kim ona dəli deməz? Hətta müdafelərin öz başlarına bu iş gələrsə, ona dəli deməyəcəklərinə söz verə bilərlərmi? Fəqət bu adam dəli deyilmiş, bilirmisiniz nə imiş? Bir fotoqrist imiş. Anasının da üzünə onun üçün tüpürürmüş ki, neçin başına ipək yaylıq bağlamış, köynək geymiş. Halbuki o bir təbiətin qızıdır, çılpaq gəzsə daha gözəl olur. Biz heç kəsə istədiyi fikirdə olmasını yasaq etməyirik. Fəqət hər kəs etiraf edir ki, yeni bir fikri təzvic üçün keflənməyib çalışmaq o fikrinanlatmaq lazımdır. İskəndər mühit üçün bir müəllimdir. Şübhəsiz, mühit onu anlamayacaqdı. Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı onun yüksəkliyində olursa o zaman kimə lazım idi. İskəndər cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin. Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim vəziyyətindədir. Nəhayət,söylədiyimiz hal ki, məktəbə bir müəllim göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar, vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin. Yoxsa müəllim içəri girəcək: Həsən – 5! Kərəm – 5! Müəllim başlayacaq: “Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni anlamayırlar.” Bu bir cəhəti, fəqət bizim əlimizdə tutarlı sənədlər vardır ki, İskəndəri kefli halına salan mühit deyil, onun keyf mayişadan alkoqola alışdığıdır. O, mədəniyyətin özünü belə alkoqola dəyişir. İskəndər evdə, təklikdə oturub düşünür: nədir elm? “Elm ona deyərlər ki, bir adam bu şüşəni çəksin başına, həpsini içsin”. Bu onun xüsusi düşüncəsidir ki, heç kəsə dəxli yoxdur və təkliyində İskəndərin düşündüklərini bir şeyə qarşı nümayiş kimi götürmək olmaz. İştə böyləlik ilə İskəndər bütün varlığını alkaqolun müdhiş pəncəsinə tapşırmış, heç bir vəzifəyi-ictimaiyyəsini ifa etməmiş, mühitdən aldığı faydaları da, borcları da bir midvər kimi mənimsəmiş, qaytarmamışdır. Mühit mübarizələrə möhtac ikən o heç bir yaxşı iş görməmişdir. Hətta İskəndərin qarşısında cinayətlər işlənir. Şeyx Nəsrullah hər gün məsum, zavallı bir yavrucuğun namusunu tapdayır, İskəndər susuyor. Heç bir əməli, qəti, təşəbbüsə girişməyir, halbuki, bu mümkün idi də. Şeyx Nəsrullah ölüləri diriltməyi iddia edirdi. İskəndər bilirdi ki, bu yalandır. Orada xalqa bu yalanı anlatmaq üçün böyük fədakarlıqlar lazım idi. Bir igid istəyirdi ki, bu kor xalqın qarşısına çıxsın və şeyxə söyləsin ki, şeyxanə, bu ölülərin həpsini dirilt, ya Heydər ağanı öyrədib göndərə idi ki, get ölülərini diriltməyi xahiş et. Şeyx bunu bacarmayacaq və yalanların üstü açılacaq, cinayətləri aradan qalxacaqdı. İskəndər bunu etməyir, çünki ayıq deyil idi. O, hər şey bitəndən sonra sallana-sallana durub gəlmiş və toydan sonra nağara və ruslar demişkən “Posle draki kulakami maşet”. Ölülərə vəz ediyor. İskəndər... ümumi ölçüdə çalışmayır, hətta bir ailəyə də təsir edəməyir. Çünki tanındığı qiyafətlə onu kimsə tanımaq istəməz, ona kimsə etibar etməz. İskəndər yalançıdır, duyğusuz və canidir. Bacısını müdafiə etməyə söz vermişkən bir fəlakətə məruz qalmış, zavallı yavru son gündə hər yerdən əli üzülmüş, bircə ona ümid edər, ona iltica edər, ondan müdafiə gözləyirkən. “Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən ayırmaz” – deyə qollarını açıb onu qucmaq və qəhrəman kimi araya atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı, İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki, İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı. Həm də bir çox məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi. Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın fırıldaqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur. Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki H a c ı Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün mühakimə etməyirlər. “Şərab da içirəm özüm bilirəm, can mənim, cəhənnəm tanrının” Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin Səməndər keflənib öz evini yıxarsa və onun üzərinə köydəki evlərin həpsi od alıb yaxılagülə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır. Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım İskəndər keflənməsilə yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş ki, İskəndər Firəngistandan qayıtmış, xalq mədəniyyətinin, elmin, maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin, maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hankı bir axmaq öz oğlunu Firəngistana göndərəcəkdir. Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki, oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli, böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən H a c ı Həsən on il əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə qənaət hasil etmiş... Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək istərəm... İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı, öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə zavallı cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə, bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın: Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı, fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor, qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli İskəndərmi? * * * İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsi Böylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar. Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük. ƏVVƏLA, İskəndər əxlaqca zəifdir. Çünki hər zaman sərxoşdur. Hər kəsə qarşı tərbiyəsizcəsinə hərəkət ediyor və hətta atalıq vəzifəsində ona qarşı heç bir qüsuru olmayan ixtiyar atasının üzünə tüpürür, hər kəsə sataşır, mənasız olaraq it küskürür və bu kimi hərəkətlərlə əyləniyor. Yalançıdır, bacısına şərab içməməyi vəd etmişkən sözündən qaçıb içir. SANİYƏN, iradəcə zəifdir. Çünki qövlü ilə feli bir deyildir. Sözdə dediyini, fikrində düşündüyünü həyatda tətbiq üçün özündə qüvvə, cəsarət görməyir. Bacısı Nazlıya o qədər də ciddi bir şey yoxkən yaşadıqları mühitdən çıxıb getməyi təklif etdiyi halda sonradan fəlakət gəlincə yardım belə etməyir. SALİSƏN, canidir. Çünki Şeyx Nəsrullahın cinayətlərinə qarşı imkan varkən bir ciddi təşəbbüs və hərəkətdə bulunmayır. Nazlı kimi məsum və zavallı qızların bədbəxt olması faciəsinə yalnız bir tamaşaçı olaraq qalıyor. Hətta Nazlını belə rədd ediyor. Bunun üçün qanun, ədalət böylə bir şəxsiyyəti başqa birinə ibrət olmaq üçün cəzasız buraxmaması qətiyyən mətlubdur. Binaənəleyh İskəndəri deyil, yalnız əxlaqsız və bir insan kimi zəif bir şəxsiyyət nöqteyi-nəzərincə əxlaqsız və zəif olduğundan mənfi bir sima görürük. Hətta ümumiyyət nöqteyi-nəzərincə və xüsusən alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan fövqüzzikr hərəkət və təbiətindən dolayı, ümumiyyət nöqteyi-nəzərincə də mənfi və müzürr bir ziyalı sanıb aşağıdakı qərar üzrə onu müttəhim ediyor və müqəssir görürük. * * * Mətbuat və ictimai həyat Bu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır. Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir. Bizim indiki mətbuatımız, xüsusilə, o mətbuata rəhbərlik edən “Kommunist” qəzeti iki dövrün keçidində, iki həyatın, iki dünyanın ortasında çalışır. Son inqilablar dövlət quruluşunu dəyişmiş, əski quruluşu tam yeni bir quruluş ilə əvəz etmiş, bütün əski ictimai münasibətləri başqalaşdırmış, bunun üzərinə bütün siyasi, mədəni normalar alt-üst olmuş, tərz-təfəkkür, tərz-ədəbi məktəblər, nəzəriyyələr, fəlsəfələr, bir sözlə bütün yaşayış yerindən oynamış, öz cığırını itirmişdir. Bir tərəfdə əski həyat, digər tərəfdə isə yeni bir həyat üzbəüz durmuşlardır ki, bunların da ortasında bizim indiki mətbuatımız durmuşdur. O, yalnız yaradıcılıqla iktifa edəməz, o gələcək üçün təsəvvür etdikləri yeni binaları tikmək üçün əski həyatın bütün cəhalətini, qaranlığını pozmalı və onun hamvarlanmış torpaqlarında öz yeni binalarını tikməlidir. O, bir tərəfdən pozmalı, digər tərəfdən yaratmalıdır. İştə bizim indiki mətbuatımızın əsil mahiyyətini fərq etdirən nöqtə burasıdır. Yeni həyat quruluşuna gəlincə, bu, yeni məsələ olduğundan və bir çox cəhətləri təcrübə dövrü keçirdiyindən qəzet əvvələn, bir məsələni tətbiq etdirməyə qalxışmadan, onun nə qədər doğru və müvafiq olduğunu, bu ya digər bir idarənin nə qədər lazım olduğunu, mənfəətli ya zərərli olmasını müzakirə edib aydınlaşdırmalı və ancaq bundan sonra tətbiqinə lüzum görülərsə, ümumi mühit şəraitinə nəzəranə şəkildə tətbiq edilə biləcəyini həll etməli və həmin məsələni xalqımızın ruhuna, bacarığına və ümumi mühit şəraitinə uyuşdurub, araya çıxarmalıdır. Bütün bunların nə qədər ağır, mühüm və məsuliyyətli bir məsələ olduğunu qeydə, bizcə, lüzum belə yoxdur. Hal-hazırda əsrlərdən bəri uyumuş, fəqət son inqilabların gurultusu altında gözlərini açmış Azərbaycan xalqının yurdunun xam və işlənməmiş təbii sərvətlərindən başqa heç bir şeyi yoxdur. Ədəbiyyatı, sənəti yox, sənaye təsərrüfatı yox, ümumən heç bir şeyi yoxdur. Fəqət gələcək həyat bunların hamısını yaratmalıdır. İştə qəzet bunların hamısına fikir verməli, həyatımızın hər bir cəhətini aydınlaşdırıb hamısına qarşı böyük cəbhələr açıb çarpışmalıdır. Bunların hamısını qəzet etməlidir. Fəqət əsil bəla da burasıdır ki, biz bu vaxtadək bu cəhətcə axsamışıq, bu vaxtadək həyatımızın hər cəhəti olduğu kimi qəzetçiliyimiz də ibtidai bir halda olmuşdur. Bütün keçmiş qəzetlərimiz götürülərsə, hamısı elə kustar üsulu ilə idarə olunmuş başqa qəzetlərin kobud təqlidindən başqa bir şey olmamış, başqa qəzetlərin dünən yazdıqlarını bu biri şəkil etibarilə dəyişib təkrar etməyən hansı müstəqil bir qəzetimiz olmuşdur. Tək-tək orijinal məqalələr göstərilərsə, onlar da bir neçə nəfərin eyni zamanda həm təbabətdən, həm ədəbiyyatdan, iqtisadiyyatdan, fəlsəfədən və ümumən biri-birinə zidd cəhətlərdən sınıq-salxaq yazılardan başqa bir şeyə təsadüf edə bilmərik. Ümumiyyətlə bizim heç olmazsa zahiri şəklini, üsulunu belə olsun qəbul edəcəyimiz və sonradan yeni həyatın tələbatı üzərinə təkmil edə biləcəyimiz bir qəzet olmamışdır. İştə bu qədər çalpaşıq həyatı yaratmaq məcburiyyətində qalan qəzet eyni zamanda özünü də yenidən yaratmalıdır. İştə “Kommunist” qəzeti bunu hər şeydən əvvəl düşünmüş olmalıdır ki, bu vaxtadək heç də tətbiq edilməyən yeni bir üsul qəbul etmiş və öz yarpaqlarında “Ədəbiyyat səhifəsi”, “Kəndlilər səhifəsi”, xüsusilə qəzeti büsbütün həyata salıb canlandıran və tam yeni bir üsul olan “Əməkçilər səhifəsi”, ümumiyyətlə yaşayışımızın əsas cəhətləri üçün ayrı-ayrı səhifələr ayırmışdır. Şəkil etibarilə qəzet belə yeni bir üsul götürmüş. Fəqət bir də yazıçı bəlası qalmış ki, bu da bizdə azdır. Qəzet eyni zamanda yazıçı da yaratmalı və həm də hər bir məsələ üçün mütəxəssis yazıçılar vücuda gətirilməlidir ki, bu da bir o qədər asan bir iş deyildir. Bu cəhətlərcə “Kommunist” qəzeti bu vaxtadək çalışmış və nisbətən az bir müddətdə gözəl və parlaq nəticələr əldə etmişdir. Fəqət həyat tərəqqisiz yaşayamaz. Qəzet bu vaxtadək göstərdiyi ciddiyyət və qüvvəti artırıb genişləndirməli və xalqımızı parlaq tərəqqi və təkamül yoluna sövq etməlidir. İştə biz “Kommunist”i yubileyi münasibətilə təbrik edir, gələcəkdə daha böyük müvəffəqiyyətlərə varmasını ümid və arzu edərik. * * * Dövlət Türk teatrında Aprelin 19-da səhnəmizin ən müqtədir aktyoru Abbasmirzə Şərifzadənin şərəfinə “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın” və “İblis” əsərlərindən aktyorluq nöqteyi-nəzərilə ən çətin və ağır pərdələri olmaq üzrə birər-ikişər pərdə oynadı. Bir oyunun ən həyəcanlı vəqəsini oyunun əvvəlindən tədricən ruhu hazırlamadan bütün dəhşətlə göstərmək çox güc olduğuna və xüsusilə bu oyunlar Abbasmirzə tərəfindən oynanılan qəhrəmanlara şəxsiyyət və tip etibarilə bir-birilə çox da uyğun olmadıqlarına baxmayaraq, möhtərəm aktyorumuz bu gecə hər pərdədə bir paltar geyinir, başqa bir ad taqınır və təsvir etdiyi vəqələri bütün həyəcanları ilə bütün duyğularını təsvir edərək, aktyorun nə qədər həssas və bir anda müxtəlif simalar taqınıb müxtəlif əhval-ruhiyyə yaşaya bildiyini böyük bir məharətlə göstərirdi. Qalan aktyorlar da onunla umuz-umuza çalışırdılar. Aktrislərdən, xüsusilə, Mərziyə X a n ı m, Məxfurə X a n ı m gözəl idilər. Yalnız Mərziyə X a n ı m öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər. Gülüstanı çənganə nəğməsini saf və aydın bir türk ləhcəsilə oxuduğundan hər kəsi məmnun buraxdı. Oyun, ümumiyyətlə, gözəl keçdi. Tamaşaçı az deyil idi. * * * Bizdə teatro Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq. Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq: Səhnəmizdə həyatımıza, ruhumuza yaxın, zamanın fikir və cərəyanlarını təmsil edə biləcək əsərlər pək azdır, daha doğrusu, yox kimidir. Səhnəmizdə bütün səmimiyyəti ilə sənət sevincisi olan sənətkar artistlər deyil, sadə aktyorlar belə pək azdır, bəlkə yox kimidir. Səhnəmizdə qadın tam mənasıyla yoxdur. Səhnəmizdə rejissor yoxdur. Hələlik bu maddələr ilə iktifa ediyoruq. Birinci maddə bir çox ədəbi-milli xətlər ilə əlaqədar olduğundan, bu xüsusi tədqiqə və özgə bir məqalədə başlayacağımızdan göstərdiyimiz maddələri 2-cidən başlayaraq müxtəsər bir surətdə təhlil edəcəyik. Səhnəmizdə sənəti kamalınca bilən, sevən aktyor yox kimidir. Bu nədəndir? Biz hər gün teatroda pərdə qalxınca bir çox adamlar görüyoruq ki, çıxıyor və ya digər əsərin sözlərini söyliyor, əl-ayaqlarını, göz-qaşlarını oynadıb gediyorlar. Bunlar aktyor deyillərsə, nədirlər, duruyor əcəba? Kimsəni incitməmək üçün bunlara aktyordan başqa nə kimi bir ad vermənizi qəbul edərik. Fəqət bunlara aktyor demək, ya aktyorun nə olduğunu bilməmək, ya da bilərək həqiqəti gizlətməkdən başqa bir şey deyildir. Məsələni bir qədər aydınlaşdıralım. Aktyor nədir? Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyqusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəli kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri, incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq böyləliklə söylədiyi sözlər, fırlandığı fəryadlar, iniltilər etibarilə canlı bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa bir sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda, aktyor, canlı bir şəkildir. Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı şəkil yenə özüdür. O, bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor, bir yerdə sözlər ilə təsvir olunmuş bir tipi alır, öz dühasının, öz istedadının qüvvəsiylə onu özündə canlandırır. Onun simasındakı bütün rəngləri, bütün cizgiləri alır, kəndi fırçasıyla öz üzərinə nəql edir. Burnunu böyüdər, yanaqlarını çuxurlaşdırar, dişlərini düyər, bilməm daha nə kimi rənglər, nə kimi boyalar ilə həmin tipin görkəmini öz simasilə nəql edər. Öylə bir məharət ilə ki, onun simasilə tərsim etdiyi tipin bütün mənəvi həyatını, bütün ruhunu, bütün varlığını ilk baxışda əks etdirir. Buna müvafiq əlbisələrdə yaratdığını nəzərə alırsaq o zaman həmin canlı şəklə, kimsə bu ya digər aktyordur – söyliyəmiz və ondan çıxarılmış fotoqraf hər kəs: “Bu Nadir şah və ya Hacı Qaradır?” – deyir. Bu şəkil canlı olur, hərəkət edir, söylər, ağlar, gülər, bir sözlə yaşar. Aktyor təsvir etdiyi tipin mənəviyyatı ilə yaşar. Həqiqəti, bir aktyor böylə bir boyadan sonra güzgüyə baxarsa, özünün özü olduğuna şübhə edər, təsvir etdiyi tip şübhəli, qorxaq, hiyləgər, igid isə, o da müvəqqəti bir zaman üçün təbiətən özünü öylə hiss edər. Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor, səhnədə hər dəqiqə yaşadığı əhvali-ruhiyyə ilə əlaqədar olaraq bu və ya digər vəziyyət alır, heykəltəraş olur ki, yaratdığı əsərdə yenə özü olmuş olur. Aktyor bir musiqişünasdır. Eyni zamanda aktyor canlı bir alətimusiqidir. Daha doğrusu, aktyor bir musiqişünasdır ki, çaldığı alətimusiqi yenə özüdür. Kompozitorun əsası olaraq və bir digəri notlar üzərinə səhnədə bu və ya digər əhvali-ruhiyyənin, bu və ya digər mənəvi təəssüratın həyəcanları altında vücuda gətirdiyi, yaratdığı ahəng yaradıcısı, o özü eyni zamanda həmin əsərin çaldığı alətdə yenə özüdür. Söylədiklərimizin həpsini bir sözlə deyəcək olursaq, aktyor gözəl sənətin bütün qismlərini özündə toplayıb, canlandıran bir sənətkardır. Aktyorun daha bir çox cəhətləri vardır. Lakin başlıca məqsədimiz aktyorun nə olduğunu təsvir etmək olmadığından hələlik bu cəhətcə təfsilata lüzum görmürük. Biz bu qədər söylədiyimizdən də aktyorun nə qədər geniş bir məna ifadə etdiyini, aktyorun nə kimi böyük vəzifələr daşıdığını az-çox kəsdirmək olur. Şimdi başqa bir cəhətə keçməli. Aktyor kəndi səhnə fəaliyyətində bir çox abi əsərlərə, bir çox psixoloji hallara, bir çox səthi və dərin fəlsəfələrə, ədəbi, ictimai, siyasi təbirlərə təsadüf ediyor. O, bunların həpsini təhlil etməyə, yazıçının özü qədər anlamağa məcburdur. Bunların bir nöqtəsi aktyor üçün dumanlı qalarsa, bu şey yaramaz. Bunun üçün aktyordan nə qədər ətraflı məlumat və inkişaf tələb edildiyi ayrı bir məsələdir. Hamleti oynamaq, lakin onun bütün ruhunu anlamamaq, onun fikrini, fəlsəfələrini, ruhundakı əbədi ixtilafları, mübarizələri dərk etməmək; Faustu oynamaq, lakin fəlsəfəsi ilə hesablaşmamaq, onun simvollarını düşünməmək, bilməmək, nəticədə də bir Hamlet, bir Faust yaratmaq mümkünmüdür? Bunların az-çox öhdəsindən gələ bilmək üçün aktyor, dərin və ətraflı bir məlumata malik olmaq, ədəbiyyatı və bütün dövrlərini, hər dövrün xüsusiyyətlərini, incəliklərini, dərinliyini bilmək məcburiyyətindədir. Aktyor psixolojini gözəl bilməlidir. Yeni səhnə artıq getdikcə zahiri gurultulardan, nümayişlərdən ayrılır, insanlığın daxili həyatına, onun mənəviyyatına, ruhuna girib orada daimi bir hərəkətdə bulunan duyğular, çarpışmalar, mübarizələr ilə uğraşıyor, bu gizli və rəngarəng həyatı genişliyilə təhlil edib, araya çıxarıyor. Aktyor, bu mənəvi həyata yabançı qalmamalıdır. Aktyor öylə bir kamandır ki, onun bütün telləri insanlığın duyğularından, ehtiramlarından yapılmışdır. Ufacıq bir təsirat həmin toxunduğu teli inlətməli və təbii fəryadlar vücuda gətirməlidir. Aktyor əlindəki kuklaları oynadarkən bir ananın öz çocuğunu oxşadığı zaman duyduğu sevinc, səadəti yaşar, bir saniyə sonra kuklası əlindən düşərsə, balasını itirmiş bir ana məlalı ilə inlər, fəryad edər. Ana kimi də göz yaşları axıda bilər. Çünki bu halların həpsi aktyorda əvvəlcədən hazırlanmışdır. İşlənmiş, yonulmuş bir halda köklənmiş bir kaman teli kimi onun ruhunda izlər qalmışdır. Ufaq bir xarici təsirat üzərinə istədiyi bir duyğunu oyada bilər. Çünki onlar həpsi çoxdan hazırdır. Bunlar hissi yapma, eyni zamanda həpsi olduqca təbii bir haldır yaradılıyor. Bu saydıqlarımıza hazır olmayan bir adam Aktyor olmaz. Aktyor, tarixi bilməyə bilməz. Teatro tarixini, ədəbiyyat tarixini, ümumən sənət tarixini bilməyən bir aktyor sənətin nə olduğunu bilməz. Təbii bununla büsbütün aktyorlarımızın bir Kant, Ten, Şopenhauer olmasını tələb etməyor, fəqət hər halda bir Sənan fəlsəfəsini izah edərkən heç olmazsa təsvir edə bilməlidirlər. Bunların həpsini avam bir adam, məktəb görməmiş bir nəfər yapa bilərmi? Biz xarüqəladəliklərə inanmayırıq, fəqət eyni zamanda onu da unutmaq istəməyirik ki, mühit bir zaman istedadlı adamlar, dahilər yetirə bilər. Bir Şalyapin meyxanələrdən çıxıb dünya miqyasında məharətlər göstərə bilər. Ölkəmiz miqyasında götürsək mühitimiz 2-3 nəfər istedadlı adam yarada bilər. Fəqət hər halda Azərbaycanın bir düha fabrikası olduğunu da iddia etmək olmaz. “Aktyorlarımızın istedadı var. Bu qədər mühüm bir vəzifəni biliksiz də ifa edə bilərlər.” – demək ya gücümüzü bilməmək və ya bilərək artırmaqdan başqa bir şey deyildir. Böyləliklə, səhnəmizdə yuxarıda göstərdiyimiz cəhətlərin həpsinə heç olmazsa üç, beş, onbeşdən birinə cavab verə biləcək bir aktyor varmıdır? Yoxdur!... Cavabını müəllətasəf təkrar etmək məcburiyyətindəyik... Biz, aktyorlarımızın bir çoxunda istedad olduğunu inkar etməliyik. Fəqət bu istedadı müəyyən bir yola salacaq, onu idarə edəcək və ondan istifadə etdirə biləcək bir biliyi yoxdur. Bu istedadlar işlənməmiş, həpsi paslı bir haldır ki, ondan öylə bir fayda da gözlənilməz. Təbii və bəlkə də böyük istedadı olan bir aktyorumuzun biliksizliyindən əzildiyini və özündəki böyük istedadı inkişaf etdirmədiyini görən sənət seviciləri ona nə qədər aciyorlar... Biz hələ sənətsevənlər xüsusunda söyliyoruq. Halbuki, səhnəmizdə həpsi böylə deyildir. Bunların içində yalnız qazanc güdənlər də az deyildir. Bunların oynadıqları əsərlər ilə ruhən heç bir əlaqəsi yoxdur. Əsərlərin bərbad olmasına qarşı büsbütün laqeyddirlər. Biz şəxsən öylə hallara təsadüf etmişik ki, aktyor dörd adamdan sonra söyləyəcəyi sözü bir an əvvəl evə getmək üçün pərdənin arxasından söyləyib qaçmış və yeri gələndə həmin söz söylənmədiyi üçün səhnədəki aktyorun oyunu da, əsərin özü də bərbad olub getmişdir. Biz böylələrini bir tərəfə buraxıyor, yalnız sənət seviciləri xüsusinda söyləyirik. Bunlar səhnəni seviyor, qismən istedadları da vardır. Fəqət bu istedadı inkişaf etdirə biləcək biliyi, məlumat hazırlığı yoxdur. Böylələri çox vaxt həqiqəti etirafdan da çəkinmiyorlar. Məsələn, 25 il səhnəmizdə çalışan, öz istedadı, öyrənmək üçün göstərdiyi çalışqanlıqlar sayəsində böyük müvəffəqiyyətlər əldə edən birisi xüsusi bir səmit vaxtı: “Mən Moskvaya gedib-gələndən və oradakı aktyor, teatr və sənəti görəndən sonra etiraf ediyoram ki, bizdə aktyor da yox, səhnə də yoxdur!” – deyirdi. Səhnəmizdə də keşiksiz bir yer tutan, bir başqasının oynayacağı bir əsəri öyrənmək üçün azı 50 nəfərə müraciət edib sorduğunu və altı gecə kamal uyumadığını görmüşsüz. Eyni zamanda “Biz hal-hazırda xalqın biliksizliyindən istifadə ediyor, onun avamlığı üzərinə ehtikar yapıyor” – dediyini də eşitmişik. İştə hal-hazırda hər tərəfdən göstərilən müavinətlərə, yardımlara baxmayaraq teatromuzun irəliləməməyini də əsl əsası bu son cümlədir. Vaxtilə teatro bütün mümanətlərə baxmayaraq irəliləyor, xalqı qənaətləndiriyordu. Çünki xalqın təkamülü pək ibtidai bir dərəcədə idi. Fəqət bu son illər yaşadığı müxtəlif inqilablar nəticəsində o tərəqqi etmiş, mühit başqalaşmış, irəliləmiş, ruhlar incəlmiş, mənuyi-ehtiyaclar, səhnəyə qarşı istəklər, tələblər artmış, fəqət səhnə irəliləməmiş, həmin əvvəlki halında qalmışdır. Ona görə də səhnə artıq xalqı təmin edəmiyor. Son illərdə teatro salonlarının boş qalması başlıca olaraq bundan irəli gəliyor. Böylə gedərsə, teatro salonun beş-altı nəfər biletsiz gələnləri də görmüyəcəkdir. Bu gün bizdə yerli-yersiz ən çox bağıra bilənlər, üz-gözünü ən çox qırışdırıb turşuda bilənlər ən gözəl aktyor hesab olunurlar. Halbuki yarınkı teatro bununla hesablaşmayacaq. Bu yanlış düşüncələri alt-üst edib öz yeni cərəyanı üçün yeni, mükəmməl, hazırlıqlı qüvvələr istəyəcəkdir. Bu gün ilə yaşamayan aktyorlarımız bu cəhəti düşünməli, mühitin tələbi ilə hesablaşmalıdır. * * * Dilin tarixi dirçəlişi Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir. * * * El ədəbiyyatı toplaşdırılmalıdır Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi. İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur. Burada bir ananın ninni çaldığı çocuğuna qarşı duyğuları soyuq bir fikrin yapma çərçivələrinə salınmamış olduğu kimi, gəldiyi kimi, bu həyatın bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir. Sənə mən gül demərəm, Gülün ömrü az olur. Sənə bülbül deyərəm, Bülbül oxur yaz olur. və ya bir şairin aldığı ilk təsirata qarşı: Bu dağlar ulu dağlar, Çeşməli, sulu dağlar. Burda bir qərib ölmüş, Göy kişnər bulud ağlar. və yaxud böylə bir şairin öz sevgilisinə qarşı: Mən aşiq neylim sənə, Düşübdür meylim sənə. Mən dönsəm üzüm dönsün, Sən dönsən neylim sənə. – dedikləri istər-istəməz şairin duyduğu təsiratı başqasına nəql ediyor. Burada bir yapmalıq yox, burada elin, daha doğrusu, onun tərcümanı olan, onun yasını, kədərini və sevincini yaşayan, onun sevinc və iztirablarının tərcümanı olan bir şairin bilavasitə həyatdan, məişətdən aldığı təsiratın hissiyyat və duyğunun səmimi bir ifadəsi görülə bilər ki, oxucuya bədii bir həyəcan verən də bu səmimiyyətdir. Böylə bir şair mövzu üçün aramamış, xəmnə görmüş, kotan görmüş, gözəl bir qadın mini-mini bir çocuq, at, öküz, inək, ilxı, sürü, yas, bayram, toy, qaçaq, quldur, qıtlıq, müharibə, bir sözlə, ətrafında hər nə görmüş isə, hankı bir mənzərədən, bir vəqədən mütəəssir olmuşsa, bəlkə də əhəmiyyətini düşünmədən, bəlkə də qeyd etdiyi məsələnin böyük bir siyasi-ictimai və i.a. əhəmiyyəti olduğunu sezmədən ona qarşı duyduğunu söyləmiş, özünün, elinin, xalqının başına gələn macəraları, sevinc və kədərləri və bunların xalqa və ya onun həssas bir müməssili olan şairə duydurduğunu ifadə etmişdir. Onun mövzusu sadə, məişət və həyat içərisində, qoynunda yaşadığı təbiətdir. Ona görədir ki, bir xalqın keçirdiyi dövrləri, yas və bayramlarını, adət və ənənatını, tərzi-təfəkkürünü, bu və ya başqa bir vəqəyə qarşı münasibətini, qonağa nasıl baxdığını, düşmənlə rəftarını, müaşiqəsini, intiqamını, məhəbbətini, bütün əhvali-ruhiyyəsini, bütün psixolojisini, eyni zamanda, onun mədəni səviyyəsini, ədəbi istedad və bacarığını öyrənmək üçün ilk vasitə və ən doğru bir tərcüman varsa, onun dillərdə dastanlar, mahnılar, tapmacalar, nağıllar və ilaxir kimi dolaşan el ədəbiyyatıdır. Buna görə də başqalarda bu el ədəbiyyatı hər şeydən artıq qiymətləndirilərkən və son bir kəlməsinədək toplanıb hər bir bəndi üçün cildlər ilə kitab yazılmışkən, bizdə bu el ədəbiyyatı əhəmiyyətsiz buraxılmış, toplaşdırılmamış, öyrənilməmiş, təhlil edilməmiş, hətta təhlil üçün tam əldə edilməmişdir. Halbuki, bizdə bu el ədəbiyyatı təsəvvür fövqündə olaraq zəngin və incidir: Burda bir qərib ölmüş, Göy kişnər, bulud ağlar. Burada nə qədər böyük bir sənətkarlıqla təbiətin qüvvələri insanın məişətindəki amillər şəklində təsvir edilmiş kişilər, ağlar bir halda göstərilmişdir. Həm də nə qədər aydın təsəvvür etdirəcək bir halda qeyd edilmişdir. Hələ büsbütün, realnı, canlı romanlar, hekayələr, dastanlar vardır ki, ədəbiyyatımız üçün tükənməz bir xəzinədir. Bunların hərəsinə qarşı el ədəbiyyatımızdan məruzə edilirkən ədiblərimizin, ədəbiyyatçılarımızın maraqlanmaması olduqca acınacaqlı bir haldır. Hələ bu yaxınlarda “Ədəbiyyat dostu” və “Maarifçi” yoldaşın bu xüsusda “Kənd müəllimlərimizin ictimai vəzifələri” adıyla yazdığı məqalədə həmin el ədəbiyyatı məsələsi irəli sürülmüşkən ədəbi həyatımızı idarə edənlərin və təşkilatların heç birisindən bu xüsusda bir əks-səda görülmədi. Zavallı “Ədəbiyyat dostu”nun sözləri: Dəyəndə zülfi-ənbər barı yarə şanələr bir-bir, Cünun zəncirinə bənd oldular divanələr bir-bir. – kimi qəzəllərin gurultuları arasında itib getdi. Halbuki, bu şeir nə qədər müqtədir sandığımız bir şair tərəfindən deyilmiş olsa da, nə qədər gözəl təşbehlərə malik olsa da, bir çox qəzəllərimizdən qüvvətli sanılsa da, bir el şairinin sadə sözlər ilə dediyi: Mən dönsəm üzüm dönsün, Sən dönsən neylim sənə. – deyə buraxdığı ədəbi əsər, səmimi bir hissiyyat yaxıcı, bədii olması cəhətincə heç bir halda geri qalmayır. Həm də birinci, bir çox başqa təsirlərə təqlidən söylənmişkən, ikinci, bilavasitə elin, xalqın səmimi hissiyyatından doğmuş, onun əsl zövq kədərini ifadə edən bir əsərdir. Buna görə də bizim el ədəbiyyatına nə qədər böyük əhəmiyyət verməmiz lazımdır. * * * “Şeyx Sənan” haqqında Sözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm. Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar. Bu onların vəzifəsidir. Fəqət mən həmin “Şeyx Sənan” mühakiməsinin böyük əhəmiyyəti olduğunu düşünərək bir dəfə də olsun mütəəssib olmamayı, məsələyə açıq bir göz, bitərəf bir mühakimə ilə yanaşmayı ilk əvvəl möhtərəm müdafiəçilərdən və başlıca olaraq möhtərəm məhkəmə heyətindən, nəhayət möhtərəm tamaşaçılardan rica edərdim. Bu, Sənanın mühakiməsi üçün... olduqca mühüm bir şeydir. Çünki dünyada, həyat və məişətdə olduğu kimi görülən şeylər xüsusunda çox düşünmədən bu daşdır, bu ağacdır, bu taxtadır – deyə qəti hökm vermək bir o qədər güc bir şey deyildir. Fəqət olduğu başqa, göründüyü isə, bambaşqa olan şeylərə böylə yanaşılmaz. Bunu parıltısına görə gümüş qiymətinə qaşıq alıb, 2 aydan sonra qaraldığını və ya paltarına, yaxud sözlərinə görə pak, müqəddəs sandıqları bir adamın çox çəkmədən yaramaz əxlaqsız bir sərsəm olduğunu görənlər daha eyib bilirlər. İştə bu gün müqəssirlər qəfəsində oturan Sənanın da şəxsiyyəti tam mənası ilə, olduğu başqa, göründüyü isə bambaşqa olan şeylərdən biridir. Mən özüm onun göründüyünə aldanıb müdafiəsinə hazırlanırkən daha dərindən baxınca, olduğunu olduğu kimi görüncə, fikrimi dəyişdim, müddəiliyə getdim. Burada hər ehtiram parlaq bir cümlənin, hər hərəkət az-çox iti birağılın böyük bir məharətlə qurdurduğu, aldadıcı bir fəlsəfənin, gözəl bir bəhanənin, hər bir yalan daha mən tiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmiş, örtülmüş, basdırılmışdır. İştə bu yalanları doğrulardan ayırmaq hər bir sözün, hər bir hərəkətin özünü və məqsədini tutuşduraraq düzgün bir nəticə çıxara bilmək üçün olduqca diqqətli və ehtiyatlı olmalıdır. Belə olunca Sənanın özünün donuz damında ikən onun üstündə bir-birilə çəkişən, çeynəşən insanların boğazlaşmasını, qoparılan fəryadları, göz yaşlarını görüncə, yapdıqlarını və nəticələrini düşününcə xəlvətdə öz vicdanına qarşı: bu fəlakətlərin bütün səbəbi həp mənəm, məni bağışla – deyə etiraf etdiyi təqsirləri isbata qalxışmağa ehtiyac qalmayır... Ona görə də mən Sənanın hankı qanunun hankı maddəsi ilə müqəssir olduğunu göstərməyə çalışmayacaq, yalnız bir neçə söz ilə tərcümeyi-halını göründüyü kimi deyil, olduğu kimi qeyd etməklə iktifa edəcək və nəticə çıxarmayı məhkəmə heyətinə və şahid bulunan xalqın vicdani-ümumisinə tapşıracağam. Beləliklə Sənan kimdir? İlk görüşlə biz, Sənan yaşının məsuliyyət daşıya biləcəyi bir çağında 30 yaşında ağıllı, fəqət öz cinsiyyət duyğularına adi, bayağı bir erkək, şəhvət və ehtiraslarına tapğın yalançı, eyni zamanda, gözəl və xoşsima bir tələbə görürük. Əsasən açıq fikirli olan Şeyx Kəbir ona adətən atalıq edir. Öz doğma oğlu kimi sevir, oxudur, biliklərini öyrədir, tərbiyə edir, bir sözlə tərbiyəsində heç bir qüsur göstərməyir. Fəqət buna qarşı Sənan Şeyx Kəbirin müsaidətindən istifadə ilə onun zavallı qızını Zəhrayı çocuqluğundan istifadə ilə bir çox yalan vədlər ilə aldadıb özünə bənd edir. Əvvəla, oğlum – deyə müraciət edən bir adamın qızına göz əymək, onunla xəlvətdə görüşüb əlaqəyə girmək üçün insanda nə qədər saxlanmaz bir etiraz, nə qədər alçaq bir nəfs olması lazım olduğunu mən təsəvvür etmirəm. Pək eyi, tutalım ki, bu bir şey deyildir. Ata-oğulluq məsələsini bir tərəfə buraxalım. Qızdır, oğlandır. Görmüş, sevmiş, vəd etmiş, nəticə etibarı ilə Zəhrayı alacaq və məsələ də bununla bitmiş olacaqdır. Fəqət Sənan bunu da yapmayır. 6 il yazıq çocuğu başda gəzdirib bir çox macəralar keçirdikdən sonra nəhayət, ondan doyur, soyuyur, usanır. Şimdi o öz fikrində, öz təsəvvüratında mavi gözlü yeni bir qadın yaradır. Və öylə bir qadın bulmaq istəyir. Zəhra bunu hiss edir, yalvarır, ağlayır. Fəqət Sənan üçün bu göz yaşlarının heç bir qiyməti yoxdur. O, xudpəsənddir, eqoistdir. O, hər kəsi özünə faydalı olduğu zaman istər. Yox, istər özünün olsun. Zavallı Zəhra özünü bir fəlakətin qarşısında, könlünü Sənanda, adını dillərdə görüncə yalvararaq Sənana deyir: Altı ildir sənin əsirin ikən Şimdi biganəyimmi könlünə mən? Nə təbiət bu səndə? Həm nə tuhaf! Yoxmudur səndə mərhəmət, insaf? Nerədə əvvəlki vədlər əcəba? Əcəba yoxmu, yoxmu səndə vəfa? O məhəbbətlə parlayan gözlər, Şimdi bir başqa macəra söylər. Diqqət edilsin. Hankı vədlərdir və bu vədlər nəyə qarşı verilmişdir. Hankı əhdə və hankı hərəkətə qarşı vəfa tələb edilir. Qoy hər kəs düşünsün bu qız aldanmamışdır? Sənan aldırmayır. Yoxsa Sənan vəd, vəfa, məhəbbətlə parlayan gözlər və i.a. mənasını bilməyir. Yaxud yazıçının türkcə savadsız olduğunu iddia edir. Əfv edərsiniz, Sənan əfəndi. “Sənan, məni qəhr et də lakin atma!” – deyincə Zəhranın haqlı tələbatına qarşı istər-istəməz: Səni atmaqmı?! Bir düşün, əcəba Bu olur şeymi, nazənin Zəhra? Sən mələksin, sevimli afətsin...– deyə cavab verirsən. Bunun üzərinə Zəhra onu qucuyur. Pək eyi, Sənan əfəndi, nə üçün Zəhrayı atmaq olmaz? Nə üçün bu sevimli afəti atmamaya məcbursan. Müsəlmanlıqda naməhrəm bir qadın heç bir əlaqədə bulunmadığı naməhrəm bir kişiyi quca bilərmi? Diqqət edilsin, Sənan bu qızcığazı aldatmamışmı? Bunu Sənan özü pək gözəl bilir. 10 ildən sonra da Zəhrayı görüncə: Ah Zəhra, zavallı solğun nur, Səni Sənan görüncə alçalıyor. – deyə zavallı Zəhranın fəlakətinə qarşı gözlərini yerə tikir. Nə üçün. Sənan əfəndi, sən Zəhrayı görüncə özündə bir alçaqlıq hiss edirsən? Nə isə, məsələ aydındır. Vəd etmiş, aldatmış, sözündən qaçmış, Zəhranın fəlakətinə səbəb olmuşdur. Unutmamalıyıq ki, bu şimdiki vaxt üçün bir o qədər ağır görülməyir. Bək eyi, qızdır. Əvvəl sevdim, şimdi sevmirəm. Fəqət Zəhranın mühiti düşünülərsə, bu onun üçün bir fəlakətdir. Adı dillərdə gəzən Zəhrayı ölüm deyil, nə qurtara bilər?! Ona görədir ki, Zəhra deyir: “Məni qəhr et də, lakin atma aman”. Sənan Zəhranın tələblərinə qarşı boyun əyməyə məcburdur. Sən mələksən atmam – deyə yenidən ona söz verir. Fəqət yalan, həm də məcburi bir yalan, fəqət dadlı gözəl bir yalan. Həmin bu dəqiqədə Zəhranın nə olursa-olsun artıq köhnəldiyini düşününcə və xəyalında yaratdığı mavi gözlü qadını xatırlayınca həmin gözümüzün önündə sözündən qaçır. Böylə səbatsız bir adama, bu dəqiqə söz verib ikinci dəqiqədə qaçan yalançı bir adamın sözünə və özünə nə kimi bir qiymət verilə bilər. Nə isə Sənan Zəhrayı artıq sevməyir, gecə-gündüz başqa bir qadını düşünür. Onun bu qadınçılığını Şeyx Kəbir də bilir. Ona deyir ki, Oğlum! Er-gec tutar cahanı adın, Söylənir ictihadü irşadın. Cahil-arif, böyük-kiçik yeksər, Səni özlər sevər, pərəstiş edər. Bu səadət fəqət uzun sürməz. Çünki röyada gördüyün uçrum, Səni eylər bu feyzdən məhrum. Baş verir səndən öylə bir hərəkət Ki, bütün xalq edər haman nifrət. Alçalar ruhun alçalar... Ancaq, Səni alçaldan ehtiras olacaq. – Hankı şeydir səbəb fəlakətimə? – Ah!.. O yalnız qadındır, iştə qadın! Hər halda Şeyx Kəbir Sənanı, onun zəif cəhətlərini çox gözəl bilir. Fəqət Sənan onu da, hətta öz inandığı Allahını belə aldatmaqdan utanmayır. Zəhra ilə 6 illik bir macərası bəlli ikən, bu saat Zəhra ilə söz vermişkən, nəhayət, gecə öz mavigözlü qadınları düşünürkən üzünü Allaha çevirib: Ey böyük Tanrı, ey böyük Yaradan! Məni səndən gözəl bilən, tanıyan. Varmı, ey xaliqi-zəminü zaman! Yalan, qara bir yalan. Sonra Şeyx Kəbirə ikinci bir yalan: Mən otuz il cahanda zahidvar, Bilmədim qız-qadın nədir zinhar. Nə qədər məndə varsa hissü həyat, Ehtirasatə düşmənim... heyhat! Mana biganə zövqi-nəfasi, Sevdiyim yalnız eşqi-ruhani... Daha könlümdə qeyri eşqə, inan, Yer bulunmaz, xayır... xayır... Bu da yalan. Gördüyü qadın, aldatdığı qadın, söz verdiyi qadın, düşündüyü qadın, bu da danışdığı sözlər. Fəqət bunları o, ancaq onu gözləyən şöhrət və böyüklük xatirəsi üçün başqalarının gözlərini örtməkdən ötrü yalandan deyir. Daxildən isə onun qadınçılığı onun ehtirası varlığını didir, üsyan edir. Onun yalanlarını üzünə çırpır. Sənan nə çapıq çıxdı – xatırından deyir. Sənan xəlvətdən ona cavab olmaqla mən şaşırdım, saqın inanma, – deyir. Demişdim ki, zövqü-nəfsaniyə uymam, ehtirasata uymam, eşqiruhani ilə sevirəm. İnanma, yalan deyirdim, – iştə Sənanın bütün mahiyyəti. Nə isə, Şeyx Sənan Şeyx Kəbirin sözlərindən istifadə ilə Zəhradan yaxa qurtarır və kim bilir şimdi Zəhranın bəlkə sümükləri də çürümüşdür. Bir də biz, Sənanı 10 ildən sonra böyük bir kütlənin rəhbəri olaraq görürük. O, böyük bir əməl ilə uğraşır. İslam parçalanmış, dağılmış, onu birləşdirmək və bununla xalqı nəcatdan çıxarmaq zənnindədir. Bu yolda heç bir əziyyətdən, heç bir əzabdan çəkinməyəcəyinə söz verir, and içir. O, şimdi böyüklük və şöhrət düşkünüdür. Fəqət daxilindəki qadınçılığı onu rahat buraxmayır. O, qadınlardan qorxur. Ona görə nərəyə çatırsa, “həp cinayət, qadın cinayəti”. Fəqət bu qadınları sevmədiyi üçün deyil, bəlkə də daha çox sevdiyi üçündür. Sənan qadınlara qarşı gücsüzdür. Qorxur, onlardan qaçır. Hər halda o zamandan Mədinədə nələr yapdığını bilməyiriz. Ehtimal ki, Zəhra orada olduğu üçün bir şey yapmazdı. Nə isə Sənan böyük bir əməli-islamiyyəti diriltmək, bəşəriyyətə nicat vermək kimi böyük bir dilək, bir məfkurə, bir ideal ilə Kəbəyə and içib yola çıxır. Tiflisdə bir dərvişə təsadüf edir. Dərviş ona bir qədər mübhəm sözlər deyir. Sənan bir qədər bunun üzərində düşünür. Fəqət burasına bir qədər diqqət verilməlidir. Çünki bilirəm Sənanın gələcək hərəkətləri üçün bütün təqsiri bu yazıq Şeyxin boynuna yıxacaqlardır. Fəqət bu yalandır. Dərviş ona demişdir: Əgər fövqəlbəşər olmaq dilərsən, Uzaqlaş daima cinsi-bəşərdən. Dərviş ona demişdi: yalnız bulun, demişdi ki, get evlən. Dərvişin sözləri Sənanı hələ islamlıqdan döndərməmişdi, çünki ondan, sonar Quranı yaxarkən Sənan özü deyir ki: “Hökmü-Quran ilə məbəd ucalır”. Deməli, dərviş onu hiylə yolundan çıxarmamışdı. Onu yoldan çıxaran başqa birisi idi. Gözəl bir gürcü qızı Xumar idi. İmdicə Şeytanbazarda dərviş görünür. Ona deyir ki, yalnız bulun... nəhs kimi mavi gözlü, füsunkar bir gürcü qızına təsadüf edir. Xumar pək gözəldir. Mən də etiraf edirəm. Qumral saçlar, mavi gözlər, bilməm al dodaqlar, lahuti bir baxış, ilahi bir görünüş. Bu qadın onun zövqünə uyan, onun yaratdığına bənzər bir qadındır. Iştə burada illərdən bəri Sənanın şöhrət və böyüklük həvəsinin ağırlığı altında susmuş qadınçılığı varlığına da, iliklərinə də uymuş adi, bayaqı bir erkəklik, saxlanmaz ehtirasları qalxır. Deyil, yalnız onun böyüklük və şöhrət həvəsini, hətta onun bütün varlığını, bütün mənliyini, izzətü-nəfsini, şərəfini, məsləkini, əqidəsini, bir sözlə, ürəyində yaxşılıq adına hər nə saxlanmışsa, həpsini alt-üst edib çevirir. Və nəticədə dünən qadınlardan qaçan, dünən qadınlara qarşı kin bəsləyən, dünən öz şeyxinə söz vermiş, bu gün dərvişdən bir çox nəsihətlər dinləmiş və böyük bir kütlə yanında Kəbəyə qarşı and içib yola çıxmış Sənan, bütün dinini-imanını, məsləkini, əqidəsini, əməlini, diləyini, idealını, məqsədini, hər bir şeyini böyük bir rəzalətlə bir qadının ayaqlarına sərib: – mən təslim, – deyə bayrağını endirir, silahını təslim edir. Şimdi soruram sizdən: – Böylə bir adam ictimai həyat üçün yararlı bir adammıdır? Böylə bir adama cəmiyyətdə məsul bir vəzifə tapşırıla bilərmi? Həyat yürüdükcə ictimai bir fikri yenə də cəmiyyətin səadətini düşünərək başqa bir fikrə çevirmək olur. Yanılmışam. Cəmiyyətin, bəşəriyyətin nicatı üçün o yol yaxşı deyil, bu yol yaxşıdır. Böylə adamlara ad tapmaq olur. Çünki bu adi bir şeydir. Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər, fəlsəfələr də dəyişir. Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir orduyu ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi, səadət və ehtiraslarına fəda edən bir adama nə ad vermək olar. Doğrusu mən tapmadım. Ona görə də, təqsirnamədə də yazmamışam. Ancaq indi başıma bir söz gəldi ki, o da xain kəlməsidir. Bu sözün nə qədər münasib olduğunu məhkəmə heyəti qərar çıxararkən düşünə bilər. Doğrudan da təsəvvür ediniz ki, o bir komandandır. Sənan həqiqətdə də fikri bir komandandır. Hərbin ən qəti, ən canalıcı bir dəqiqəsində birdən fərmani-hümayun: Dayan... geri! Nə var, nə var, heç nə! Bəs Ağa Komandan bənd olmuşdur?! Geri! Ona görə deyil ki, geri dönmək lazımdır. Şimdi böylə bir komandananə demək olar. Fəqət onu da unutmamalıdır ki, komandan düşmən ordusundan əsir alınmış qıza bənd olmuşam. Ona görə də, “geri!” deməyir. O başqa bir bəhanə bulacaqdır. Məsələn geri: çünki “abi-şur əst. Xeyr nədarəd.” Iştə Sənanın da ictimai həyatda ağırlığı olsa-olsa, bu qədər olacaqdır. Bu rəzalət Şərq diplomatiyasının tarixində görülməz bir şey deyildir. Baxsanız Avropa qadınlarının qoynunda imza edilmiş bir çox müahidələrə, bir çox müqavilələrə, bir çoximtiyazlara bəlkə də təsadüf edə bilərsiniz. Hər halda tariximiz baltaçı Məhəmməd paşalara yabançı deyildir. Nə isə Sənan Xumarı görüncə, ağlı başından oynayır, papağını götürür, başını endirir, kəndisinə məxsus dadlı, aldadıcı bir dil ilə: Bir təbəssüm o hüsnü-dilbərdən, Bir nəvaziş o mavi gözlərdən. – deyə kəbin kağızını təqdim edir. Platon kişi adamdır. O, Sənan kimi andını geri götürən, bu saat verdiyi sözdən utanmadan qaçan adamlardan deyildir. Fəqət Xumar qoca, ixtiyar bir mollanın əlində məhv olacaqdır. Keşiş çarə tapır. Qarşıdakı böyük bir kütlənin rəhbəri, böyük bir ordunun komandanı, məsləkli, səbatlı, əqidəli bir adamdır. Öylə isə al bu şərabı iç. Fəqət keşiş hesabında pək yanlışdır. Sənan üçün öz şəxsiyyəti hər şeydən artıqdır. Doğrudan da, Sənan alır, içir. Ya Şeyx, içdiyin haram deyilmi? İctihad, daha doğrusu, bəhanə hazırdır. Bir istəkəna eybi yoxdur. Pək eyi, möhtərəm Şeyx əfəndi, nə üçün sən bunu dünən demirdin. Pək eyi, bir istəkəna eybi yoxdur. Keşiş pərt olur, ancaq çox bicdir, özünü itirməyir. Al bu xaçı da as. Sənan alır. Ya Şeyx nə yapırsan? Ab şur əst. Xeyr nədarəd. Bununla bir parça gümüş arasında heç bir fərq yoxdur. Pək eyi, Şeyx əfəndi, bunu nə üçün sən demirdin? “Olsun, o xaç bir parça gümüşdür” – mən də qəbul edirəm. Fəqət sən özün hər şeydə bir rəmz arayırkən sən bilməyirdinmi ki, onu sənə verirkən – al, bu gümüş parçasını as, – demir. Al, taqın, xristian ol, – deyirlər. Əvət, sən pək gözəl bilirdin. Bilərək də aldın. Çünki sən öz ehtiraslarının əsiri, iradəsiz bir adamsan. İstəmədən xristian olursan! Deməli, sən öz məqsədini, öz əməlini, cəmiyyətin nicatı üçün düşündüyün bütün əməl və idealları öz şəxsiyyətinə, öz şəxsi ehtiraslarına, öz nəfsinə fəda edən bir adamsan. İstəmədən xristian oldun. Olmadınsa, yalançısan. Xristian olmadan qarşıdakıları aldatmaq üçün xaçı alıb asır və bununla da sənə tabe olan böyük bir kütləni doğru bildiyin yoldan sapdırır, inanmadığın bir yola sövq etmiş olursan. Əvət, Şeyx əfəndi, mən səni pək gözəl anlayıram. Qoy sənin şəxsi səadətin təmin edilsin. Bunun üçün bir çoxlarının fəlakətinə də lüzum görülərsə, vur yerisin. Eşqin tərs-avandı olmaz. Keşiş şaşırır. Qarşısında böyük bir kütlənin rəhbəri azacıq səbatlı, dayanaqlı bir adam təsəvvür edərkən Sənan lax çıxır. Fəqət keşiş yenə ümidini kəsməyir. “Al Quranı yaq”. Yox, sən yaqacaqsan. Ya Şeyx, Quran yaqılmaz. Susunuz budalalar. Illət var. Nə imiş – yaqılan kağız və mürəkkəbdir. Nə qədər bayağı bir bəhanə! Abi-şur əst. Xeyr nədarəd. Əfv edərsiniz, Şeyx əfəndi. Quran yalnız kağız və mürəkkəb isə nə üçün onu boynunuzda gəzdirirsiniz? Nə üçün bunu dünən demirdiniz? Pək eyi, kağız və mürəkkəbdir. Mən də qəbul edirəm. Fəqət sən başqalarına arif ol deyirkən düşünməyirdinmi ki, burada məqsəd kağız və mürəkkəbin yanması deyil, sənin tutduğun yolun, məsləkin, əqidənin yaqılması, çeynənməsi, mapdalanmasıdır. Halbuki, sən dinə hələ inanırdın. Hökmi-Quran ilələbəd ucalır deyirdin. Və istəmədən üz tutduğun yolun müqəddəsatını, komandanı bulduğun kütlənin, ordunun bayrağının yaqılmasına yol verirdin. Çünki sən öz məsləkini, öz əqidəsini şəxsi səadətinə satan bir adamsan. Mən bilirəm ki, burada Quran, din, xaç bir çox yoldaşları sapdıracaqdır. Burada məqsəd Quran, xaç və sair deyil, bir inam, bir məsləkibəşəriyyənin, cəmiyyətin səadəti üçün düşünülmüş bir yol deyirəm. O yol öz-özlüyündə doğru da ola bilər, yanlış da ola bilər. Mənim onunla işim yoxdur. Mənim məqsədim ancaq həmin əqidəni daşıyan adamın şəxsiyyəti üzərindədir. Əlbəttə, yoldaşlar, sevgi, eşq yaxşı şeydir. Fəqət sevirəm deyə hər şeyə ixtiyarım var da demək olmaz. Quran kitabı götürməyiniz, başqa bir kitab götürünüz. Şimdiki halda, məsələn, bir ingilis kralının mavi gözlərinə qarşı bir parça əskidir – deyə öz yurdunun bayrağını yaqan bir vətənpərvərə siz nə deyərsiniz və yaxud bir kadet qızına vurulduğu üçün insanlar bizcə birdir, bu bayraq da elə bir arşın parçadan başqa bir şey deyildir – deyə öz bayrağını yaqan bir kommunistə siz nə deyərsiniz?! Hər nə deyirsiniz, özünüz bilərsiniz, mən bilməyirəm. Ancaq gərək ki, çox da yaxşı şey deyildir. Nə isə iş-işdən keçmiş. Keşiş yavaş-yavaş Sənanı tanımaya başlayır. Nə istəyirsiniz, o itaətdən boyun qaçırmaz, deyə adi bir qarışqa, bir böcək qədəri əhəmiyyəti qalmayan Sənana belə baxmaq istəmədən ötürür. Sənan özü də deyir. Hər nə əmr etsəniz qəbul edərəm. Doğrudan da deyirlər donuz otar, baş üstə. Yaxşı ki, Şeyxin səfilliyini hər kəs bilir. Bunun da səbəbini soruşmayırlar. Yox, yəqin ki, Şeyx kənd təsərrüfatını yüksəltmək istədiyini bəhanə gətirəcəkdi. Siz görürsünüz ki, hər nə tələb etsələr, Sənan qəbul edir. Hərəsinə də bir bəhanə gətirir. Qumar oyna desəydilər, baş üstə. Ya Şeyx haram deyilmidir? Səsini kəs, budala köpək. Köpəyə nə söz. Onun eybi yoxdur. Fəqət eybi yoxdur, ona görə deyil ki, doğrudan da, eybi yoxdur. Onu görə ki, Sənanın şəxsi səadəti üçün bu lazımdır. Platonun 3-4 nəfər düşməni var, onları da aradan qaldırır. Baş üstə. Ya Şeyx, adam öldürmək olmaz. Səsini kəs, budala, 3-4 nəfərə nə söz və i.a. Ab şur əst, xeyr nədarəd. Onu da deməliyəm ki, burada ayrı-ayrı sözlərimdən sallanıb deyə bilərlər ki, Sənan üçün ingilis, fransız, yəhudi, türk, ərəb yoxdur. O, Xumarı sevməklə din təəssübünə zərbə vurdu. Pək gözəl. Beynəlmiləlçilik yaxşı şeydir. Fəqət burada Sənanın bu hərəkətlərindən məqsəd beynəlmiləlçilikmidir? Cəmiyyətə, insanlığa bir nicat, bir səadət verməkmidir? Burada mühüm məsələ hərəkətin, vasitənin yaxşı-yamanlığı deyil, zərərli-xeyirli olması deyil. Sənanın şəxsiyyətini təyin etmək üçün əsil məsələ onu o hərəkətlərə sövq edən səbəblərdir. Əsil məqsəd nədir, onu qiymətləndirməlidir. Dünyada o qədər müharibələr olmuşdur. Bu müharibələrdə o qədər qanlar tökülmüşdür ki, Fransa inqilabında tökülən qanlar onun çərəki də olmaz. Hər ikisində qan tökülmüşdür. Fəqət Azərbaycanda bütün qan tökülən müharibələrə nifrət edilirkən Fransa inqilabı bayram saxlanılır. Nə üçün? Çünki məqsədlər başqadır. Bir italyan zabiti canından qorxub müharibədən qaçmışdır. Biz onun üçün bir heykəl tikməliyiz ki, nə var, gedib qan tökməmişdir... Doğrudur, onun qaçması nəticəsində qan tökülməmişdir. Yaxşı iş olmuşdur. Ancaq onun məqsədi qan tökülməmək deyil, müharibəyə insan qanının tökülməsinə qarşı üsyan deyil, bəlkə öz canının qorxusudur. Ona görə də bizim üçün heç bir əhəmiyyəti yoxdur. Şimdi ola bilər ki, şərab içmək yaxşı şeydir, qumar oynamaq yaxşı şeydir, donuz otarmaq da yaxşı şeydir – kənd təsərrüfatı artar. Gürcü qızı sevmək də yaxşı şeydir, çünki bunlar cəmiyyətə xeyir verə bilər. Fəqət Sənan Xumarı ona görə sevməyir ki, cəmiyyətibəşəriyyəyə xeyirdir, ona görə sevir ki, Xumar gözəldir, döşünə yatır. Xaçı ona görə asmayır ki, onun xeyri vardır, ona görə asır ki, Xumarı almaq üçün o bir vasitədir. Burada məqsəd Xumar, mühərrik isə, onun nəfsi, onun qadınçılığı, onun daxilindəki saxlanmaz adi, bayaqı ehtiraslar. İştə həmin bu ehtiraslara da Sənan bütün əməlini, diləyini, ictimai məqsədlərini, məfkurəsini, məsləkini qurban verir. Üzvü bulunduğu cəmiyyət qarşısında daşıdığı vəzifələri atır, cəmiyyət üçün bəslədiyi ictimai əqidə və məsləkini öz şəxsi ehtiraslarına, öz şəxsiyyətinə satır. Öz şəxsi ehtiraslarına tapınaraq bəşəriyyəti buraxır, donuz damına soxulur. Böylə bir şəxsiyyətə Ştiverdən başqa hankı bir cəmiyyət müsbət gözlə baxa bilər. Deyə bilərlər ki, o donuzlar Sənanı əhatə edən şeyxlərdən yaxşıdır? Sənan onlardan ayrılmaqla çirkabın üzərinə çıxmış oldu. Hər doğru yol tapıb özünü kənara çəkənlərə yaxşı adam deyilə bilərmi? Pək eyi, çox gözəl, Mərvan donuz, Nəim də donuz, bəs Sədra? O donuzdur. Bəs Hadi? O da donuzdur! Bəs səni bəsləyən, səni yetişdirən, tərbiyə edən mühit, sənə göz bəbəyi yedirən cəmiyyət, sənə əba verən, ləbbadə verən, əmmamə verən fəqət həmin səfaləti-çirkabın içərisində boğulan, çabalıyan milyard yarımlıq zavallı bəşəriyyət. Onları kim düşünməlidir. Hər doğru yol tapıb evinə qapanan adamlara yaxşı deyilərmi? Sənin həyat və səadətin təmin edildisə, hər şey bitdimi? Sən doğru bir yol buldunsa, hər şey bitdimi? Halbuki, sən səmimi bir xalqçı olsaydın, bir eqoist olmasaydın, öz ehtiraslarını boğar, öz nəfsini öldürər və donuz damına girməkdənsə, səni görməyə gəlmiş yığın-yığın insanların arasına çıxar, tapdığın doğru yolu onlara da göstərərdin. Öz nüfuzundan istifadə ilə onları bir nicata doğru çəkə bilərdin. Fəqət sən bunu yapmadın, çünki bu, gücdür. Bunun üçün insanda fədakarlıq, iradə lazımdır. Fəqət Sənanda Xumarın eşqinə qarşı qüvvət və iradə yoxdur. O, ehtiraslarının əsiridir. Onları tanıyor, onları düşünür. Özünü, ancaq özünü düşünür. Ona, böyük bir məqsəd ilə gəldin – deyəndə Vətənim, Kəbəm, Məkkəm, Mədinəm həp Xumardır, əl çəkməm – deyir. Ondan başqa hər şeyə nifrət. Qoy bütün dünya məhv olsun, fəqət mən Xumardan əl çəkməm. Bu bir yaxşılıqmıdır? Bu bir hünərmidir? Bunu hər kəs yapa bilər və yapır. Bunu bütün məmləkətin, bütün xalqın hüququnu, həyat və səadətini öz şəxsiyyətinə fəda edən 1-ci Lyudoviq “Posle menya xot potop” – deyə daha gözəl bacarır. Bunun bütün məmləkəti, bütün xalqı obezliçenni bir hala salan, bütün cəmiyyəti öz şəxsiyyəti ayaqlarında tapdayan 14-cü Lyudoviq də “Qosudarstvo – eta ya” – deməklə daha gözəl yapır. Pək eyi, Şeyx əfəndi, sizin bunlardan nə fərqiniz vardır? Fəqət fərqiniz vardır. O da budur ki, onlar yapdıqlarını olduğu kimi açıq-açığına söyləyirlər. Sən isə niyyətini gizlətmək üçün hər hərəkətinə bir bəhanə qoşur, bir don geyindirirsən. Hər hərəkət üçün bir bəhanə gətirirsən. Fəqət məqsəd sənin şəxsiyyətindir. Bütün ictihadların ancaq şəxsi mənfəətinə xidmət etmək üçündür. Məkkədə ikən həp cinayət, qadın cinayəti. Çünki Sənan qadınları öz şöhrət və cəlalı üçün qorxulu görür. Tiflisdə ikən qadınlar yaxşıdır. Çünki Sənan Xumarı sevir. Son pərdədə qadınlar başa bəladır. Çünki, Sənanın Xumardan əli çıxmışdır. Şərab içmək yaxşıdır, çünki Sənan özü içməyə məcburdur. Xaç taxmaq olar, çünki buna da məcburdur. Sənan özü yaxşı ki, adam öldürmək məcburiyyətində qalmamış, yoxsa o da İbrahimin qoyunu kimi bir ictihad, bir qanun olaraq boynumuza keçəcəkdir. Beləliklə, hər bir ictihadı ta Şərq mollalarında olduğu kimi, cəmiyyətin səadəti üçün deyil, ümumi birlik ilə deyil, ancaq Sənanın səadətinə xidmət etmək üçündür. Burada bir məsələyi qeyd etməlidir. Çünki bizim adamlar bir az fantazistdirlər. Ariflik deyə hər açıq şeydə gizli bir məna, bir rəmz, bir müəmma ararlar. Deyirsən, bazara gedirəm. Deyir görəsən haraya deyir, biz başa düşməyiriz. Məsələn, Sənan Xumarı almaq istəyir. Bir də görəcəksən müdafiəçi durdu ki, yox, sən başa düşməyirsən. Xumar hələ Sənanın idealıdır... Onu bir ideal kimi sevir. Xumar Sənanın fikri, əqidəsi, əməlidir. Onun yolunda hər şeyi fəda edir. Bunu Sənan desə, eybi yoxdur. Çünki o adətən hər şey üçün bir bəhanə tapa bilir. Ona deyəndə ki, ya Şeyx, sən ki, o qadından ürkərdin? Deyir bu qadın deyil, mələkdir. Müdafiəçi də bu sözdən yapışıb deyəcəkdir ki, tək bir mələk deyil, hətta əməldir, idealdır, bilməm nədir. Çünki Sənan ona özü mələk deyir. Nə olsun ki, deyir. Sənan Zəhraya da deyirdi ki, sən mələksən, əməlimsən və i.a. Bu hiylə belə olar da. Bir kişi aldığı bir qadına nə deyə bilər? Ya deyəcək sən mələksən, ya deyəcək məlaikəsən, allahsan, bu, kor-kordur da. Yoxsa nə desin?! Desin sən şeytansan, ifritəsən, əcinnəsən, kafirsən. Ya mələk deyəcək, ya da buna oxşar bir şey də. Yaxşı tutalım ki, Xumar Sənanın hələ doğrudan-doğruya idealıdır. Nə üçün Sənan keşişin bir kəlmə sözü ilə öz idealını atıb getdi? Əgər Sənan bütün idealları üçün böylə mübarizə aparırsa, daha yaman. Tula itdən murdar. Son pərdədə Xumar ona gəlib deyir: Pək müqəddəsdir iştə bəncə sənin, Həp şeyin, həp təriqətin, dinin. Burada yoldaş müdafiəçi də özünü itirəcəkdir. Əcaba o könüldən düşən bunların hankıdır? Xumar Sənanın, ya Sənan Xumarın. Ancaq bunların həpsi birər xəyal, birər xülyadır. Mələyin, əməlin, idealın donuz damında nə işi vardır? Nəhayət, Sənan iki il donuz otardıqdan sonra əski şöhrət və cəlalının da əldən getdiyini, Xumarı da ala bilmədiyini görüncə peşman olub deyir: Şeyx, ya Şeyx, gəl də seyr elə, Yandım atəşlə kəndi rəyimlə. Mən qulaq vermədim dəyərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. Demək, Xumarı sevmədiyindən onun uğrunda əhlini, diləyini atmasından peşman olmuşdur. Ah, sağ olsaydı şimdi Şeyx Kəbir, Ataraq seyr edərdi pək əlini, Kəndi möcüznüma kəramətini. Yəni Şeyx nə demişdisə, öylə də oldu. Fəqət Şeyx nə demişdi bilirsiniz: Baş verir səndə öylə bir hərəkət, Alçalır, ruhun alçalır... Ancaq Səni alçaldan ehtiras olacaq. – Hankı şeydir səbəb fəlakətimə? – Ah!.. o yalnız qadındır, iştə qadın! Sənan bu sözləri xatırlayaraq və doğru olduğunu etiraf edərək deyir: Mən qulaq vermədim dəyərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. Yəni qadın, Sənanın fəlakətinə səbəb olan qadının da başqa bir mənası vardır. Bəlkə qadın ərəbcə məlayikəyə-zada deyirlər, mən bilmirəm. Ancaq qadın bizim dildə – iki əlli-ayaqlı qadına deyirlər. Fəlakət də fəlakətə deyilir. Sənan son nəfəsdə Xumara yeganə qurtuluş qarşıdakı uçurumdur deyir. Uçurum da uçuruma deyirlər. Yəni dərin bir dərənin dibi. Nə az, nə çox Sənan türkcə danışırsa, sənə bəllidir. Xumar nə mələkdir, nə əməldir, nə də məsləkdir. Sadə, adi bir qadındır. Yox, əgər Sənan göydəki mələklərin dilində danışırsa, onu biz bilmirik. Bəlkə orada uçurum fəzilətə deyirlər, ya məfkurəyə deyirlər, kim bilir. Ancaq, yoldaşlar, mənə aydındır. Sənan özü bir türküstanlı bir türkdür. Türkcə də danışır. Xəyala, xülyaya uymaya gəlməz. Ariflik təbii, fəna bir şey deyildir. Ancaq genə də hər şeyə öz adını vermək yaxşıdır. Sənan bir qızı sevmiş, bənd olmuş, onun yolunda yaxşıyaman öz məsləkini satmış, hər bir şeyi atıb öz ehtiraslarına əsir olmuşdur. Nəhayət, qızı özünə məftun etdikdən sonra onun uğrunda heç bir mübarizə aparmadan qoyub qaçmış və zavallı qız son nəfəsində ondan nicat yolu istərkən uçurumdur deyə onun da fəlakətinə səbəb olmuşdur. İştə, yoldaşlar, Sənanın bütün şəxsiyyət və mahiyyəti. Yalnız, yoldaşlar, bir məsələ də vardır. Bu məcaralar Xumarın və Zəhranın fəlakətilə bitməmiş olsaydı, demək olurdu ki, pək eyi, Sənan qadınçıdır. Şərab da içir, sənə nə var. O da bu şərab içənlərdən, o da bu qumar oynayanlardan biri. Mən, yoldaşlar onu deyəcəyəm ki, o bu cəmiyyətin bir üzvüdür. Cəmiyyət onu böyüdüb tərbiyə etmiş. Hər bir fərd olduğu kimi, o da cəmiyyət qarşısında bu ictimai həyatda bir vəzifə daşımalı, bir fayda verməlidir. Yoxsa ona cəmiyyətin yaramaz övladı deyərlər. Fəqət yoldaşlar, mən başqa bir şey demək istəyirəm. Sənan bu sadə qumarbazlardan, sərxoşlardan olsaydı cəhənnəmə, dərd yarı idi. Fəqət mən çox işlətdiyim bir timsalı burada xatırlatmaq istəyirəm. Qanun kitablarında gərək ki, böylə bir maddə vardır. Məsələn: Pirməmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa ona cəza verilməlidir. Ancaq bağışlamaq da olur. Fəqət həmin Məmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa və bunun nəticəsi olaraq qonşu evlər də od alıb kəndin yarısı yanarsa, o zaman Məmmədqulu rus demişkən “ne nipodkakim vidom” bağışlanmaz, mütləq cəzalanmalıdır. Şimdi Sənanın hərəkətlərinə və onların nəticələrinə fikir verəlim. Sənanın mühiti qaranlıq, cahil bir mühitdir. Gözlər kor, fikirlər paslı, kimsə düşünməz, düşünsə də; uzaq getmə batarsan – deyə ağzını yumarlar. Bu mühitdən bir nəfər Sənan çıxır. Ağlının ucilə meraca şəkk eyləyir, şəqqülqəmərə də başqa bir məna verir. Bunun üzərinə bütün mühitdə ona qarşı bir şübhə doğur. Mühit bir az inanır, bir az şübhə edir. Fəqət həmin mühit meraca şəkk etməkdən başlamış Sənanın 2 ildən sonra bir qız üçün xaç taxmaqla bitirməsini görüncə, ümumən böylə yeni fikirlərə nasıl baxa bilər. Bundan sonra bir zihayat çıxıb merac yalandır deyə bilərmi? Uzaq getmə, sən də Sənan kimi batarsan – deyə ağzını tıxayacaqlardır. Sənan öz hərəkətləri ilə tarixin yetişdirdiyi xalq və hikmət oğullarının – Cəlaləddinlərin və sairənin də yollarını kəsmiş, ağızlarını qapamış, qanadlarını qırmış olur. Xalqda yeni fikirlər və yeni fikirli adamlara qarşı bir nifrət, bir etimadsızlıq törədir ki, bu, xalq üçün, bu, mədəniyyətin və bəşəriyyətin tərəqqisi üçün hər şeydən zərərlidir. Böyləcə öz hərəkətləri üçün zaman və məkanla hesablaşmayan ünsürlər də xalq üçün zərərlidir. Tutalım ki, Sənanın yeni bir fikri vardır. Öz hərəkətlərini xalqın səadəti üçün yapırdı. Şərab içməyi xeyirli bilirdi. Fəqət o, bunların həpsini bir qıza qarşı yapmamalı, mühitin əhvali-ruhiyyəsini düşünməli, onun anlağı dərəcəsində hərəkət etməlidir. Yaponlar nə üçün Avropa mədəniyyətini tez mənimsədilər. Çünki yaponlar Avropa mədəniyyətini Yaponiyaya şərab içərkən, ya kataloq taqınaraq gətirmədi. Onlar Parisdə oxumağa gedərkən kataloqda getdilər, qayıdarkən yapon ərəqçinində qayıtdılar. Xalqın içinə girdilər. Onunla onun öz paltarında, öz dilində danışdılar və onu anlatıb kataloq taqdıqdan sonra özləri də kataloq taqdılar. Sənan da həqiqi bir məslək mürəvvici olsaydı, onu donuz damından söyləməzdi. Araya çıxar, xalqı onun öz dili ilə anladardı. Mən istərdim yoldaşların bir dəqiqə də olsa, fikri Sənanın yaşadığı mühitə köçürüləydi, xalqın Sənanın hərəkətlərinə qarşı nələr duyduğunu hiss edə biləydilər. Pək eyi, şimdiki zamanı götürünüz. Qadınlardan daima şikayət edən bir müəllim təsəvvür ediniz. Bir nəfər qobulu öz qızını onun yanına qoymuş, oxudur. Bir gün qobulu içəri girir. Müəllim lüt madərzad soyunmuş, qızı da öpmək istəyir. Saxla, yoldaş, nə yapırsan? Sən sus, çünki sən donuzsan, anlamazsan, bir dəfə öpməyin eybi yoxdur. Hətta şimdiki zamanda böylə bir müəllimə nə deyilə bilər? Şübhəsiz, ya dəli deyirlər, ya əxlaqsız, Halbuki, heç biri deyil. Sən demə, yazıq müəllim sonradan fikrini dəyişmiş “daloy stada” oxşar bir şey olmuşdur. Bu 10 il bundan əvvəl yapılsaydı, bir nəfər qobulu qələt eləyib öz qızını məktəbə göndərərdimi? Fikrin var, onu mənə də anlat. Yoxsa mən nə bilim sən nə yapırsan? Yoxsa sən qıza bənd olub şərab içəcəksən? Deyəndə də deyəcəksən ki, sən donuzsan, kim anlamayırsa, dəf olsun. Bu da bir rəhbərlik oldu. Sən, Sənan, həqiqi bir inqilabçı olsaydın, xalqın ruhunu düşünər, onun ilə öz dilində danışardın. Öz duyğularını, öz həyatını boğar, xalqın içinə girər, onu anladar, nicata doğru sürüklərdin. Yüzü anlamazsa, ikisi anlardı. Sənə o da bəsdir, Nə cür ki, bunu heç səbəbsiz təhqir etdiyini bu qoca dərviş yapırdı. Onun bir fikri var. Yanlışdır. XX əsrdə xalqı bəşəriyyətdən uzlaşmaya dəvət edəcək bir fikrə doğru deyəcək deyiliz. Fəqət doğru yanlış bir fikri vardır. O bilir ki, həyatın şimdiki quruluşu, zamanın fikir və fəlsəfələri yanlışdır. Dinlər hədərdir. Çarə bəşəriyyətdən uzaşmayı görüyür, fəqət özü qaçmayır. O, başaçıq, ayaqyalın rus demişkən, “bezşabaşno” bütün xalqın, bütün kütlənin, izdihamın, bütün bəşəriyyətin içinə atılmış, öz fikrini anladır, xalqı doğru yola çəkir. Bunun üçün sadə, anlaşılan vasitələrə müraciət edir. Sənanı son fəlakətdə görüncə, yorulmaq bilmədən kim bilir nərələrdən qoşub gəlir. İştə gördünmü din nələr törədir? – deyə bir mülayimətlə ona anladır. Böylə açıq, sadə bir tərzdə, böylə münasib bir mövqedə söylənmiş sözləri kim anlamaz? İştə bu adam doğrudan da bir xalqçı, doğrudan da bir məslək adamıdır. O, çırpınır, o pərvanə kimi xalqın başına fırlanır. O. bir şey, bir mükafat da gözləmir. O, iki ildən sonra əhdə vəfa, otardığı donuzlara qarşı Xumarı da istəməyir. O, havayı çalışır. O, öz məsləki və əqidəsi üçün çalışır və kim bilir böyləliklə nə qədər adamı qandırmış, nə qədər adamın fikrini yerindən oyatmış, həqiqəti düşünməyə, heç olmazsa, düşünməyə sövq etmişdir. Bu hər halda cəmiyyətə bir faydadır. Fəqət Sənan bağlandığı 2 il şu donuz damından cəmiyyətə nə verə bilərdi? Olsa-olsa 3, ya 4 donuz. Çünki o, xalqı düşünməyir. Xalqın ruhunu anlamırdı. Onun sadəliyini, avamlığını donuzluq sanır. Halbuki yanqusu yağırkən qoca bir qarının savab olsun deyə, şələsindən ocağa 2 çırpı atmasını görüncə bir sevinc, böyük bir məmnuniyyət, bir sövq ilə deyir: – “Svyataya prostata”. Iştə bu adam xalqı anlamış, onu anlamaya çalışmışdır. Fəqət Sənan xalqı heç düşünməmiş, ancaq özünü, öz ehtiraslarını düşünmüşdür. Minlər ilə insanlar onun ziyarətinə gəlmişkən, ondan nicat yolu gözləyirkən o utanmadan deyir: “Sərsərilər, zavallı şaşqınlar, gediniz, haydı, haydı, ağzınlar!” * * * Azərbaycan türk ədəbiyyatının son vəziyyəti I Dünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir. Son illərin yenilikləri bütün əski gedişi cığırından çıxardığı kimi, xüsusilə, əski ədəbiyyatı da büsbütün təməlindən sarsıtdı. Bu vaxtadək yazıçılarımızın fikir və mövzusunu təşkil edən cəhalət, maarifsizlik, qumarbazlıq, qatillik və sairə ilə mübarizə və ümumən, bu kimi mövzular olduqca yersiz, vaxtsız və bayağı bir hala gəldi, artıq elə yazıların fikirləri çox irəliləmiş mühit üçün mənasız və gülünc görünür. Digər tərəfdən əski şeir üsulları və şəkilləri, daha doğrusu bir qəzəl ya bir qəsidənin sözləri dalqabaq yerləşdirilməklə təkrari, deyil ki, yalnız oxucuları, bəlkə şairlərin özlərini belə usandırmış oldu. Çünki bu əsərlər bir şairin, ya bir ədibin bilavasitə, həyatdan aldığı təsiratın bilaixtiyar yaratdığı əsərlər olmayıb, ancaq keçmişlərin həyatı tədqiq ilə yazdıqlarının həyatdan aldıqları və qeyd etdikləri təbii təəssüratın birər süni və çox vaxt çox kobud təqlidi olurdu ki, bu əsərlər də kopiyadan kopiya olduqları üçün, hər halda, əslindən zəif olurlardı. Həyatımızın ölgün və durğun dövrlərində bu kimi yapma, cansız və duyğusuz əsərlər, bəlkə də bir çoxlarını əyləndirə bilərdi. Fəqət indi artıq bütün fikirlərin azçox yüksəldiyi, duyğuların incəldiyi bir dövrdə belə əsərlərin kimsəyə zövq aldırmayacağı təbiidir. Xüsusilə, son zamanlarda Türkiyə ədəbiyyatının az-çox yeni bir şəkil ilə mühitimizə soxulması boyanı daha da qatılaşdırmış oldu. Əski ədəbiyyatın əsaslarına Hadi və Sabir tərəfindən endirilmiş baltalar da, öz ağırlığını duydurmaya bilməzdi. Hər tərəfdən qəzəl və qəsidələrə sərzənişlər yağdırılmağa başladı. Bunun üzərinə əsərlərinin kimsə tərəfindən təqdir edilmədiyini görən yazıçılar, ədiblər, şairlər ya yeni həyata uyğun, canlı və yüksək əsərlər yaratmalı, ya da istər-istəməz susmalı idilər. Başqa bir yol yox idi. Məəttəəssüfanə, bunlar ikinci yolu təqib edib susdular. Beləliklə, ədəbiyyatımızın əski telləri qırıldı. Yeni tellər, yeni pərdələr isə hənuz tərənnümə başlamadılar. Bunun da səbəbi gediləcək yolların bəlli olmamasıdır. Gənclik özünü Şərq klassizmi ilə Qərb realizmi arasında görüncə birdən-birə şaşırdı. Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının noyeklasizmindən sonra keçirdiyi dövrləri, məktəbləri təkrarmı edəcək, yoxsa hamısını bir tərəfə buraxıb birdən-birə realizmə keçəcəkdir? Bunun üzərinə ortaya bir məktəb məsələsi atıldı. Azərbaycan türk ədəbiyyatı hansı bir məktəbi təqib edəcəkdir? II Keçən sayda Azərbaycan türk ədəbiyyatının bu son günlərində araya bir məktəb məsələsi atıldığı və ədəbiyyatımızın hansı məktəbi təqib edəcəyi ətrafında bir çox fikirlər söyləndiyini qeyd etmişdik. Bir çoxları inandırmaq istəyirlər ki, müəyyən ədəbi dövrlərin məktəblərinin hər bir millət içində müntəzimən təkərrürü sarsılmaz, təbii və tarixi bir qanundur. Qərb ədəbiyyatı realizm məktəbinə varınca klassizm, noyeklassizm, romantizm və ilaxir dövrlər keçirdiyi və bu dövrləri bütün ayrı-ayrı xalqlardan təkrar etdiyi kimi bizdə də eynilə təkərrür etməsi qaçılmaz bir şeydir. Ədəbiyyatımız, hal-hazırda yeni klassizm dövrünü bitirmiş, daha doğrusu bitirmək üzrədir. Ona görə də biz sıra etibarilə nə qədər irəli getmək istərsək, ya gedəcək olursaq, yenə heç olmasa, romantizm dövrünü keçirməliyik. Fəqət burada bir şey unudulur ki, o da indiki mədəniyyətin vücuda gətirdiyi asanlıqdır. Keçmişdə bir məktəbin bir ölkədə məhv olduğu sırada başqa bir ölkədə yenidən başlaması, aradakı münasibətin çətinliyindən bir ölkədəki ədəbiyyatdan o biri ölkənin xəbəri olmamasından irəli gəlirdi. Halbuki, bu gün o çətinlik yox. Bu gün Romada çıxan bir əsəri yarın Gəncədə oxumaq və onun açdığı yenilikləri mənimsəmək mümkündür. Zatən Şekspirin heçdən bir ingilis ədəbiyyatı yaratdığı, həm də bu ədəbiyyat İstambul fəthindən sonra Yunan ədəbiyyatının dəniz yolu açılınca bilavasitə İngiltərəyə nəqli təriqilə olduğu bəllidir. Digər tərəfdən həmişə hər yerdə ədəbiyyat mühit və həyat ilə bərabər yaşamış, mühitin fikir və fəlsəfəsi tərzi-təfəkkür və təyişi ədəbiyyata təsirsiz olmamışdır. Bu gün biz yunan klassik ədəbiyyatını götürüb o zamankı Yunanıstan həyatı ilə qiyas etmiş olursaq, mühitinin dini, ictimai və siyasi fikirlərini əks etdirdiyini görmüş oluruq. O zaman yunanlar özlərini əski mövhum qəhrəmanlara oxşatmağa çalışır, allahlar şərəfinə bir çox əsatir və əfsanələr yaradır və ümumən, əsatir və əfsanəvi bir həyat sürürlərdi ki, bu da Yunan klassik ədəbiyyatında tamamilə təzahür etmişdir. Fransa, İngiltərə ədəbiyyatına da baxmış olursaq, hər zamanda öz mühitinin ruhunu, həyatını təsvir etmiş olduğunu görürük. Fransa ədəbiyyatının bədənpərvazlığı əfsanəvi dövrləri vaxtının parlitlər sevən salon cəmiyyətinin tərzitəfəkkür və təyişindən heç də ayrılmayır. Eynilə protestantlıq ilə katolizmin çalışması və bir çox yeni kəşfiyyatlar dövrünə təsadüf edən Şekspir ədəbiyyatı da yenə öz mühitinin ictimaisiyasi, dini və ilaxir həyatın təsviridir ki, burada mühiti düşündürən və maraqlandıran bir çox məsələlərdə özünə cavab bulunmuş olur. Başqa dürlü olmaz idi də. Ədəbiyyat cəmiyyətin bir güzgüsü kimi tələqqi edilirsə, onun bütün maddi və mənəvi həyatını doğrudan-doğruya təsvir etməlidir. Beləliklə, hər bir ölkənin ədəbiyyatı hər bir vaxt öz mühitinin bir güzgüsü olmuşkən, onun bütün maddi və mənəvi həyatını əks etdirmişkən, yalnız bizim ədəbiyyatımız başqa bir cərəyanla getmiş, öz mühitinin güzgüsü olmamışdır. Fəqət bu, yenə də mühitimiz ədəbiyyatımıza büsbütün təsir edəməmişdir demək deyildir. Adətən, bir cəmiyyət nə qədər qüvvətli, mənəviyyat və məhdudiyyətcə nə qədər zəncin və yüksək olursa, onun yaratdığı ədəbiyyat da o nisbətdə zəngin və qüvvətli olur. Tərsinə olaraq, bir dövrün ədəbiyyatı nə qədər zəngin, qüvvətli və yaxud sönük və ölgün olursa, cəmiyyətin də eyni nisbətdə yüksək və ya sönük olduğu kəsdirilə bilər. Bunun üzərinə biz Azərbaycanın siyasi və ictimai tarixi ilə ədəbiyyat tarixini tutuşduracaq olursaq, bir-birinə çox uyğun və mütənasib yollar ilə getdiyini görmüş oluruq. Ərəblik, farslıq hökmranlığına dözmüş Şirvanşahlar və xanlıqlar dövrü görmüş Azərbaycanın siyasi tarixi bir çox parlaq və sönük yarpaqlara malik olduğu kimi yaxın əsrlərdə ən parlaq dövrünü təşkil edən Şirvanşahlar zamanında belə bütün mühiti fars mədəniyyətinin təsiri altında bulunmuşdur. Xüsusilə, Şirvanşahlar İran sarayı tərəfindən təyin edilir, İrana xərac verir və bütün saray İran sarayını təqlid ilə ona oxşar həyat sürürdü. Fars lisanı və ümumən, mədəniyyəti də hökmüran bir mövqe tuturdu. İştə belə çılpaq bir mühitin də səmərəsi olmaq üzrə xaqanilər, nizamilər meydana çıxdılar ki, hər ikisinin sonsuz ədəbi bir iqtidara malik olduğuna, fars ədəbiyyatının içində belə hakim bir mövqe tutduqlarına baxmayaraq, yenə həyat ümumiyyəsilə fars ədəbiyyatı, lisanı və ümumən, mədəniyyətinin təsiri altında bulunmuş, əsərlərini də farsca yazmışlardır. Azərbaycandakı bu dövrün istər siyasi, istərsə, ədəbiyyat tarixi o qədər maraqlı, eyni zamanda o qədər çalpaşıqdır ki, bunu ətraflıca təhlil etmək bir neçə cümlənin işi deyildir. Sonralar əsil mərkəzdə İran mədəniyyəti sustlaşır, zəifləşirkən belə Azərbaycanda da mədəni hakimiyyət ilə bərabər siyasi hakimiyyətin də sustalmasına baxmayaraq, mühit yenə əski İran mədəni həyatını təqlidə davam etdiyi kimi, ədəbiyyat da artıq əski İran klassik ədəbiyyatının kor-koranə bir təqlidçisi olur və həmin vəziyyəti öz sönüklüyü ilə, durğunluğu ilə əks etdirir. Beləliklə, həyat İran həyatının təqlidi olduğu kimi, ədəbiyyat da büsbütün İran əski ədəbiyyatının təqlidi olur. Yalnız burada bir cəhət vardır ki, o da son vaxtlardakı ədəbiyyat Azərbaycandakı təqlidi həyatın təqlidlərini təqlid əvəzinə, onun əsl təqlidini bir orijinal kimi təsvir əvəzinə, tərsinə olaraq, İran ədəbiyyatının İran həyatını əks edən ədəbiyyatı təqlid etmiş və beləliklə də ümumi ədəbiyyat cərəyanında bir yapmalıq üz göstərmişdir. Getdikcə Azərbaycanda Iranın mədəni hakimiyyəti sustaldıqca siyasi hakimiyyəti də sustalır, siyasi hakimiyyət süqut edib Azərbaycanda İrandan ayrılmaq cərəyanı artdıqca mədəni təsir də xəfifləşib, ədəbiyyatın da türkcələşməsi cərəyanı qüvvətlənir. Nadir şah və Ağaməmməd şahın əsgəri qüvvələri artıq Azərbaycanı büsbütün təslim etdirəmədiyi kimi fars mədəniyyətinin və xüsusilə ədəbiyyatının yapma parlaqlığı da Azərbaycan ədəbiyyatını büsbütün təslim etdirəmir və bu dövrün nəticəsi olaraq Vaqif və başqa bu kimi şairlər yetişirlər. Getdikcə İranın mənəvi təsiri artır ki, bu təsir xəfif bir şəkildə olsa da, hər halda son vaxtlaradək davam edərək gəlmişdir. Məqsədimiz ədəbiyyatımızın son vəziyyəti olduğundan yuxarıdakı cəhətlərdə təfsilata vurulmayıb, ümumiyyət etibarilə, götürürsək, son zamanlar Azərbaycan türk ədəbiyyatı başlıca olaraq üç təsirin sıxıntısı altında olmuşdur. III Keçən saylarda biz son Azərbaycan türk ədəbiyyatının başlıca olaraq üç təsirin sıxıntısı altında bulunduğunu göstərmişdik. Bunlardan birincisi, dediyimiz kimi, farsca yazılmış ədəbiyyat olmuşdur ki, bütün Qərb üçün Yunan və Roma klassizmi ilk mənbə olduğu kimi, Azərbaycan türk ədəbiyyatı üçün də farsca yazılmış ədəbiyyat bir təqlid mənbəi olmuşdur. Biz “fars ədəbiyyatı” deyil, farsca yazılmış ədəbiyyatı deyirik. Çünki bu gün fars dilində gördüyümüz ədəbiyyat ayrıca farsların deyildir. Onun sarsılmaz bir sütununu Cəlaləddin Rumi kimi böyük türk şair və filosoflarının farsca yazdığı “məsnəvi”lər təşkil etdiyi kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da, fəqət əsərləri deyil ki, fars ədəbiyyatına təqlid etməmiş, bəlkə bütün orijinal olub ən qüvvətli fars yazıçılarının ən qüvvətli əsərlərilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq, təqlid mənbəi edəcək və etmiş olan Nizami, Xaqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmaq olmaz. Bu gün bir Azərbaycan türk şairinin farsca yazdığı: “Han ey, dili-brətbin, öz didə nəzər kon, han, eyvani-mədainra ayineyi-ibrət dan” kimi əsərlərinə ən qüvvətli fars şairlərinin nə qədər çalışsalar da, bu vaxtadək nəzirə belə yazmadıqları göz önündədir. Fəqət, ümumiyyətlə, fars ədəbiyyatında türk ünsürlərini və onların əhəmiyyətlərini araşdırıb bulmaq və göstərmək mövzumuza daxil olduğundan bu cəhətlə hər halda ədəbiyyat tarixçilərimiz tərəfindən aydınlaşdırılacağını ümid ilə keçirik. Hər halda ədəbiyyatın beynəlxalq yürüşü cəhətincə əksərən ümumi bir mənbədən və çox vaxt Hindistandan əsas alıb da, Qərbə və Şərqə doğru Bizans və İran vasitəsilə yayılan səyyar mövzular əski Yunan və sonra da Roma ədəbiyyatında başqa bir şəklə salınıb, Qərb ədəbiyyatı üçün bir mənbə olduğu kimi, İran-fars ədəbiyyatında da tam başqa bir şəklə salınıb, tam başqa şəkildə götürülmüş və bu da ötədən bəri Azərbaycan türk ədəbiyyatı üçün bir təqlid mərkəzi olmuşdur. Bu mühit içində Nizaminin yaratdığı romanlar və bir neçə bu kimi əsərlərdən başqa adətən bir-birini təkrar edən və nəhayət, xüsusilə, Füzulidən sonra çox bayağı mədhiyyələr, bu kimi yazılardan başqa bir şey yaradılmamış və son günədək bu qəzəllər, qəsidələr birbirini təkrar ilə getdikcə zəifləşərək davam etmişlərdir. Onu da unutmamalıdır ki, bu ədəbiyyat əksərən cəmiyyətin yüksək və ziyalı təbəqəsinə aid olub, xalq ilə qətiyyən əlaqəsi olmamışdır. Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır. Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yapma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun 4 telli sazına uymamış, o öz yaratdığı kərəmlərilə, qəriblərilə, Tapdıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. Insafən, etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövq-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir. Azərbaycan türk ədəbiyyatına digər bir təsir icra edən də rus ədəbiyyatıdır. Bu məsələyə keçmədən orasını qeyd etməliyik ki, Azərbaycan türk ədəbiyyatı əsasən 3 deyil, 2 təsir altında olmuşdur. Bunlardan biri, xüsusilə, müxtəsər söylədiyimiz İran və ümumən, Şərq ədəbiyyatı, digəri isə 19-cu əsrin ortalarından özünü hiss etdirməyə başlamış Qərb ədəbiyyatıdır. Həmin Qərb ədəbiyyatı Azərbaycana iki yol ilə təsir etmiş ki, bunlardan biri Rusiya, 2-cisi isə Türkiyədir. Ədəbiyyat vaxtilə bir mənbədən çıxıb. Qərbdə bir, Şərqdə isə başqa bir şəklə necə düşmüşsə, eynilə Qərb ədəbiyyatı da Rusiyada bir şəkildə, Türkiyədə başqa bir şəkildə alınmış və həmin ədəbiyyatın bu iki dairədə bağışladığı təsir də başqa-başqa olmuşdur. Ruslar bu ədəbiyyatı alıb ona əsaslanaraq, rus həyatında qüvvətli bir ədəbiyyat yaratmış və hətta orijinallar ilə rəqabət edə biləcək, bəlkə də ara-sıra orijinallarından daha qüvvətli orijinallar yarada bilmiş və sonra da qəti bir mənlik alıb, Qərb ilə umuz-umuza yürüyə bilmişlərdir. Türklər isə Avropaya daha yaxın, daha əlaqədə olduqlarına baxmayaraq, çox zaman, hətta irəli gedirlərsə, demək olar ki, son zamanlaradək belə, məəttəəssüfanə, buna müvəffəq olmamış, ədəbiyyatları da Şərq ilə Qərbin mütəqabil təsirləri altında qalıb başqa bir hal almışdır. Beləliklə, Qərb ədəbiyyatı Rusiyada başqa, Türkiyədə isə başqa bir şəklə taxınıb, biri əvvəl, biri də sonra Azərbaycana təsir icra etdikləri üçün və təsirləri də başqa-başqa olduğu üçün bunları ayrı-ayrı mənbələr kimi götürür və təsir mənbəini 2 deyil, 3 nöqtədən qeyd edirik. Beləliklə, rus ədəbiyyatının təsirinə gəlincə, Azərbaycanda Rusiya çarlığının siyasi hakimiyyəti yerləşincə onu mütəaqib Rusiya ədəbiyyatı da Azərbaycanda hiss edilməyə və azçox qüvvətli varlığı və bir dürlü yeni şəkildə hökmranlıq mövqei tutmaya başlayır. Rusiya çarlığının siyasi təsiri öz mühitində bir taqım ziyalılar qrupu yetişdirir ki, bunları əski dərəbəylik ədəbiyyatı əyləndirmədiyi kimi, xalqla da çox az təmasda bulunduqlarından, daha doğrusu məna bir dürlü başqalaşıb xalqa yüksəkdən baxdıqları və get-gedə onu büsbütün anlamamağa başladıqları üçün onun yaratdığı xalq ədəbiyyatına da qiymət vermir, ondan zövq almırlar. Bunlar artıq yetişdikləri mühitə uyğun bir ədəbiyyat arayırlar ki, bu da olsa-olsa rus ədəbiyyatı ola bilərdi. Get-gedə bu dairə artdıqca rus ədəbiyyatının da nüfuz dairəsi genişlənir və bu yeni ehtiyac üzərinə yeni şəkildə bir türk ədəbiyyatı meydana çıxır. Onu da qeyd etməlidir ki, bu mühit bəzən xalqı çox gözəl tanıyan və onun həyatına yaxşı bələd olan yazıçılar da yetişdirir ki, belələrindən də başlıcası olmaq üzrə Mirzə Fətəli Axundzadə göstərilmişdir. Fəqət Mirzə Fətəli nə qədər rus ədəbiyyatı və mühiti təsirində olsa da, bununla bərabər yenə öz mənliyini itirməmiş və öz ədəbi istedadının qüvvətilə təqlidçi olmaqdan daha artıq bir yaradıcılığı üçün ancaq ümumi və əsas bir şəkil almış və həmin əsasda böyük bir sənətkar məharətilə öz həyatımızdan yaratdığı əsərləri üçün istifadə etmişdir. Ona görə də bizim, xüsusilə, teatr ədəbiyyatımızın yaranmasına ilk addımı atan o olduğuna və bu cəhətcə bizdə ilk yazıçı olduğuna baxmayaraq, yazılarında orijinal bir yazıçı olmaq üzrə qüvvətli ədəbi bir varlıq ərz etmişdir. Əsərləri az-çox uzaq bir keçmişin məhsulu olduğuna, fikir və fəlsəfə etibarilə indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox yazıları bu gün belə öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır. Onun bir çox mövzuları bu gün belə öz bəkarətini saxlamış, bir çox tipləri də xalqımızın çox gözəl bildiyi və tanıdığı tiplərdir. Qəribədir ki, Mirzə Fətəli nisbətən uzaq keçmişdə yazdığına və başladığı üsulda ilk yazıçı olduğuna baxmayaraq, bir çox əsərlərində mahir və qəti bir realist olmuş və bu cəhətcə o zamanın rus ədəbiyyatında deyil ki, təqlidçi olmamış, deyil ki, umuzumuza getmiş, hətta qısa irəliləmək təlaşı da göstərmişdir. Bunlar hamısı Mirzə Fətəlinin nə qədər böyük ədəbi dühayə malik olduğunu çox açıq göstərir zənnindəyik. Yalnız burası vardır ki, Mirzə Fətəli öz əsərlərində zamanının iqtiza etməsi və ya vəzifəsinin tələb etməsi üzərindəmi, hər halda çarizmin mənfəətini gözləmiş və yazılarının çoxunda çar hakimiyyətinin güclənməsinə, möhkəmlənməsinə, əhalinin çar qanunlarından çıxmamasına çalışmışdır. Bunu əhalininmi, ya çarizminmi mənafeyi nöqteyinəzərindən yapması da başqa bir mübahisədir ki, hələlik biz bunu bir tərəfə buraxırıq. Mirzə Fətəli üzərində bu qədər durduğumuz, ondan sonrakı aşağıda adlarını göstərəcəyimiz bir taqım yazıçılarımızın onun təsiri altında bulunduğu və ona təqlid etdiyi üçündür. Bitmədi. * * * Qəzetimizin ədəbiyyat dərnəyində Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu. Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir. Məruzə çox geniş və mühüm olub, araya bir çox mübahisəli məsələlər atdığından iclas salonunu dolduran işçilər maarif və ədəbiyyat xadimləri və həvəskarları, məruzənin Xaqani, Fələki və s. xüsusundakı qismini gələn iclasa saxlayıb, Nizami ətrafında müzakirə açılması qərara alındı. Müzakirə vaxtı yoldaş Seyid Hüseyn Sadıq tərəfindən Şirvanşahlar dövrünün tarixi vəziyyəti və Zeynallı tərəfindən həmin dövrün ictimai quruluşu xüsusunda müxtəsər məlumat verilir. Müzakirə vaxtı Salman Mümtaz, Sultan Məcid Qənizadə, Rəsulbəy Tahirov, Qafur Əfəndizadə, Xəlil İbrahim, Əliabbas Müznib və s. çıxışda bulundular. Bunun üzərinə Salman Mümtaz, Rudəkinin məruzəçi tərəfindən göstərildiyi kimi türk deyil, fars, Nizaminin atasının isə (qum)lu deyil, gəncəli olduğunu iddia edir. Məruzəçi isə ona müxalif olaraq, Rudəkinin Buxara civarində Rudək adlı kənddə doğulduğunu və binaən-ileh Türküstanda çıxmış bir şair Nizami, Xaqani və s. türk şairləri kimi yalnız farsca yazdığından, fars demək üçün heç bir əsas olmadığını və onların farslığı xüsusunda sənəd və material yoxluğunu, Nizaminin isə türk olmaqla bərabər hər halda atasının (qum)lu olduğunu göstərir. Hər iki fikir ədəbiyyat xadimlərindən tərəfdarlar bulur, və iki cərəyan arasında olduqca sürəkli, ciddi və qızğın mübahisələr gedir, nəticədə əsrlərdən bəri bir çox ədəbi mübahisə və keşməkeşlərə səbəb olan bu məsələ xüsusunda hər iki tərəfin hazırlaşıb gələn cümə mövcud sənəd və materiallarını gətirmələri və bu xüsusda, ayrıca ədəbi mübahisə aparılıb, bu məsələnin qəti surətdə aydınlaşdırılması qərara alındı. Bundan başqa, iclas tərəfindən çıxarılmış qərarda “Kommunist” qəzetinin ədəbiyyat dərnəyi tərəfindən, Nizami, Xaqani və s. bu kimi farsca yazmış türk ədib-şairləri və onların ayrı-ayrı əsərləri xüsusunda ayrıca məruzələr düzəldilməsi və məruzələrdən sonra materialların nəşr edilməsinə çalışması və Nizaminin sökülmüş, dağılmış və bilinməz bir halda qalan məqbərəsinin Nizamiyə layiq bir vəziyyətdə tikilməsi üçün lazımi yerlərə müraciət edilməsi tapşırılır. Beləliklə, ədəbiyyat tariximizin ən böyük və mübahisəli bir cəhətini təşkil edən Nizami və Rudəki məsələsi üzərində bu cümə qəti ədəbi “çarpışmalar” olacaqdır. Bu cəhətcə maraqlanan bütün ədəbiyyat xadimləri bu məsələdə bütün mövcud materiallarını iclasda göstərməsi, çıxışda bulunması və məsələnin mümkün qədər geniş və ətraflı bir surətdə aydınlaşdırılması ümid və arzu edilir. * * * “İblis”in son quruluşu Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı. Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm: Əsərin başlıca fikir və hərəkət məhvərini təşkil edən və yeni quruluşda ehtimal ki, Şərq miniatürlərinə təqlidlə təsvir edilmiş İblis, bizcə bir o qədər də mükəmməl çıxmamışdır. Biz onun “Əlqəmə” ya “Deyləmə” olması üzərində danışmayacağıq. Ərəb qəbilələri Bizcə, iblisin yerinə bir “div” yaratmanın əslində mənası yoxdur. Çünki şərqlilərin təsəvvür etdiyi “div” “İblis”dəki İblis kimi deyil. Bu “div” nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl böyük maddi və cismani qüvvətə malik, biçimsiz, kobud bir heybətdir. Nə qədər güclü olsa da, hər halda onu güclü, bacarıqlı bir insan məğlub edə bilər. Ona görədir ki, hər bir “Məlikməmməd” addımbaşı bir “div” məğlub edir. Mənəvi cəhətinə gəlincə, bunlar çox vaxt idraksız, şüursuz bir halda təsəvvür edilir. Bunlar tənbəl, ölgün, yatdığı yerlərindən bəzən əsrlərcə qalxmaz, ətraflarından bir o qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır. Halbuki, “İblis”in İblisi heç də belə deyildir. Bu alıcı, çevik, qurnaz, bir dəqiqə rahat durmaz, bütün dünyanı dolaşır, basılmaz, yenilməz bir qüdrəti-külliyə, “bütün dünyanı” həm yapar, həm də yıxar qüdrəti var məfhumdur ki, “Dünyada əgər varsa rəqibi, o da Allahdır”. O hər bir şeyi, keçmiş – gələcəyi, olmuş – olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini, əsərə toxunmaq istəmədiyimiz üçün, göstərmirik. Belə bir qüvvəni səhnədə elə tənbəl gedişlər, danışıqlar, ölgün hərəkətlər ilə təsvir etmək heç də doğru deyildir. Xüsusilə, atəş olan və doğrudan da düşdüyü yeri yandıran, qanları qaynadan, fikirləri oynadan, hissləri, duyğuları qızdıran bir od ikən onu soyuducu, dondurucu və əsasən buz və soyuqluq təsviri üçün işlədilən mavi bir boyada göstərmək yerli bir şey deyildir. Ruhlarda bir coşqunluq, bir oynaqlıq törətmək üçün mənzərələr bir sıcaq, məsələ (qırmızı) boyalar ilə, soyuq və soyuducu bir mühit və təsirat yaratmaq üçün isə, soyuq boyalar işlədilir ki, mavi boya da bu qəbildəndir. Hər halda şəkil, məna və məzmun ilə uyuşdurulmalıdır. Digər tərəfdən müharibə meydanlarında çalışan zabitləri gəlin kimi bəzəndirmənin, qazmalarda və Istambul salonlarında eyni paltarda çıxarmanın nə qədər doğru olub-olmadığını düşünmək istəyənlər asanlıqla kəsdirə bilirlər. Xavərin paltarına gəlincə, şəhərdən uzaq, meşələrdə, ormanlarda yaşayan sadə bir qız İstambul, daha doğrusu Paris salonlarında geyilə biləcək 25-ci il modası ilə tikilmiş bahalı, alafranka əlbəsə və ehtimal ki, “Baksayuz”dan alınmış şıq “lak” çəkmələr – əldə də bir səhəng, ormanlar, tarlalar, dekolte, lak, səhəng... Doğrudan da, adamın gülməyi gəlir. Buna qarşı İstambulda İbn Yəminin ali salonundakı Xor, paltarlarına görə, yenicə göydən gətirilmiş bir kütləni xatırladır. Əsil rəqqasələrin paltarı isə burasını bir dürlü anlaya bilmədik, bürüncək tuman (darbalaq), döşlük, nə isə bu paltar Şərq tarixinin hansı dövrünə aid olursa-olsun, 1918-ci ilin balet paltarı kimi təbii deyildir. Səhnə quruluşunda da bir anlaşılmazlıq var idi. Xüsusilə, 1-3-cü pərdənin görünüşü büsbütün yanlış idi. Burası orman bətirində yol üzərində, insanlardan uzaq yaşayan bir ixtiyarın qülbəsini, daxmasını təsvir etməli ikən, səhnədə orman və koma əvəzinə top atəşinə dayanmaq üçün tikilmiş kimi qalın divarlı bir qala, bir bürc görünür. Yenilməz qalın divarlar şəhər qalıqlarını andırır; böyük darvazalar nə isə mükəmməl bir şaşqınlıq! Hər halda son teatrın başlıca əsaslarından birisi şəkil ilə məzmunun uyuşurluluğu olduğu üçün rejissor, xüsusilə, Şərqi daha yaxından tanıya biləcək olan türk qismi, bu cəhətlərə əhəmiyyət verməlidir. * * * V.A.Uğryumi Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir. Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır. Dünya müharibəsi zamanı səfərbərliyə düşüb, əskəri hissələrdə, Gəncə və Qroznı şəhərlərində tamaşalar vermişdir. Bu aralıq teatr münəqqidi olmaq üzrə müxtəlif qəzetlərdə iştirak etmiş, 1919-cu ildə Bakıda “Mumus” teatrosunun müdiri və rejissoru olmuş, 21-ci ildə Türk qadınlar studiyasında, Dövlət Türk Teatrında və Çocuqlar sarayında çalışmış, eyni zamanda Rus Dövlət Dram Teatrı rejissoru olmuşdur. Nəhayət, bu sonsuz çalışmalardan yorğun ikən ağır bir halda xəstələnib müalicə üçün Moskvaya getmiş, burada da sakit qalmayıb M.Ğ.H.İ.Ş. “Ermitaj” teatrında çalışmışdır. Uğryumi (leğimbiya) xəstəliyindən müalicə edilirkən Moskvada Xalq Maarif Komissarlığı tərəfindən incəsənətlər cəhətincə (akademik) adını almışdır. Nəhayət, Uğryumi Bakıya qayıdıb 24 və 25-ci illərdə xəstəliyinə baxmayaraq, Türk Dövlət Tənqid-Təbliğ Teatrında baş rejissor olmaq üzrə çalışırdı. Uğryumi Bakı tərəfindən dünya sənətinə verilmiş və yalnız Bakı deyil, bütün Şuralar İttifaqı səhnəsi üçün dəyərli, müqtədir bir sənətkar idi. Uğryumi səhnədən həyat və məişətinin yaxşılaşması üçün deyil, bəlkə öz həyatından səhnənin tərəqqisi üçün istifadə edən, incəsənət və səhnə uğrunda bütün varlığı ilə çalışan, ən az buluna biləcək fədakar sənət sevicilərindən biri idi. Olduqca geniş və mükəmməl bir bilik və məlumatdan başqa incə bir zövqə, böyük bir artist, sənətkar dühasına malik idi. Bütün həyatını səhnəni öyrənməyə sərf etməklə nəticədə bütün varlığı ilə yeni bir səhnə yaratmağa çalışır və bu uğurda heç bir fədakarlıqdan çəkinmirdi. Böyük bir talant öz inkişafının ən parlaq bir vaxtında, getdikcə parlamaq və yüksəlməkdə ikən amansız bir ölümün pəncəsində məhv oldu. Gələcəyə bir çox yeniliklər vəd edən Uğryuminin ölümü, əlbəttə, bütün sənət seviciləri, xüsusilə səhnə üçün böyük və unudulmayacaq bir itkidir. * * * Türk teatr məktəbi 1 Məktəbin açılışı və onu doğuran səbəblər Bu məktəb 2 il bundan əvvəl böyük bir şövq və həvəslə açıldı. Çünki belə bir məktəbin açılmasını həyat özü istəyirdi. Həyatımızın getdikcə irəliləyib genişlənməkdə olan başqa cəhətləri kimi səhnələr də artıq biliksiz, hazırlıqsız olaraq araya atılmış “cır” qüvvələr ilə keçinə bilməyəcəyini açıq-açığına sızırdı. Həyatın gedişilə ayaq tutuşdurmayan bu “cır” qüvvələr səhnəmizdə bilmərrə qadın bulunmayaraq qadın rollarını erkəklər ifa edirlərdi. Nəhayət, bir erkəyin hər halda bir qadına az-çox bir yaxınlıqda təsvir edəməyəcəyi görülüncə çarəsizlikdən əcnəbi qadınlarının yardımına müraciət edildi. İndiki xorumuzda olduğu kimi, “sən” yerinə “man”lar, “necə” yerinə “nadjalar” səhnəni doldurdu. Belələri çoxalınca artıq türkcə daha yaxşı bilənlər seçilməyə başladı. Səhnəmizə bu əcnəbi qadın, başqalarında olduğu kimi, yaxşı bir sənətkar olduğuna görə deyil, yaxşı türkcə bildiyinə görə qəbul edilirdi. Ancaq çox zamanlar keçdikdən sonra bunların səhnəyə olan həvəsi və istedadları nəzərə alınmağa başladı. Fəqət bunlar da türk səhnəsinin ehtiyacını ödəmirlərdi. Tam bu aralıq cəmiyyətimizdəki tərəqqi üzərinə yavaş-yavaş türk qızlarında da bir tərəddüdlə səhnəyə gəlmək istəyənləri görünməyə başladı. Səhnəmiz bunları biliklərinə baxmadan ancaq bir ağuş ilə qarşıladı. Fəqət bu qüvvələrin səhnəmizdə oturaq bir yer tutmayacaqları bəlli bir şeydir. Cəmiyyət, həyat irəlilədikcə, bədii zövqlər incəldikcə səhnəyə qarşı qoyulan artırılmış tələbatı təmin üçün istər-istəməz çarələr, yollar aramalı idi. Çünki sənətkar olmayan, hazırlığı, biliyi olmayan bir aktrisaya yalnız türk olduğu üçün və türkcə ötəkilərdən bir az yaxşı danışdığı üçün bir gün, bir ay, bir il, nəhayət, 2-5 il maraq edilə bilər. Fəqət bu hal çox sürməz. Aktyorlardan sənət, istedad, bilik və bacarıq tələb ediləcəkdir. Yalnız aktrisalarımız deyil, aktyorlarımızın da bir çoxu həmin “cır” qüvvələrdən ibarətdir. Çünki bir vaxt bunlar da səhnəyə, daha doğrusu, keçənlərin dilincə deyərsək, bu “şeytan ocağına” yuxarıda dediyimiz “ucdantutma” əsas ilə toplaşdırılmışdır. Ictimai həyatımızın müəyyən bir dövründə bir ovuc mütəşəbbüs maarifpərvərlər tərəfindən çox vaxt xeyriyyə və qismən də maarif məqsədi ilə başlanmış teatrçılığımız ilk günlərində aktyor belə tapa bilməyirdi. Çünki bizim teatrımız bugünkü Avropa teatrının keçirdiyi tarixi dövrləri keçirməmişdir. Bugünkü Avropa teatrı, demək olar ki, bütün ölkələrdə milli, adətənənə və əsatirin tarixi və tədrici mabədi ikən bizdəki teatrçılıq, xarici təsirin qüvvəti üzərində şəbehgərdanlığın təbii məntiqinin təkamülündən doğmamışdır. Bizdə Yunanıstanda və Avropa (mister)lərini əvəz edən “şəbehgərdanlıq” dini əsaslardan doğub, başqa ölkələrdə olduğu kimi, təbii təkamül yolu ilə tam həyata yaxınlaşdığı sırada Avropa mədəniyyətinin mütərəqqi təsiri ilə təbii yolundan çıxarılmış, birdən-birə inqilabi bir yol ilə açıq meydandan elektrik qutusu içərisinə atılmışdır. Beləlik- lə, meydan teatrından bugünkü “qutu” teatrınadək olan əsrlər yolunu teatrımız bir neçə ilə keçmişdir. Ona görədir ki, bizdəki “şəbehgərdanlıq” savab vədilə topladığı aktyorlarını səhnəyə köçürmədi. Nəticə etibarı ilə bu “şeytan ocağı” bir taqım maarifpərvər müəllimlər, xeyriyyəçi ziyalılar və bu kimilərin qüvvət və səylərinə istinad etmiş oldu. Cəmiyyət təbəqələrindən biri aktyoru günahkar, sapqın bir şeytan, olsa-olsa bir oyunbaz kimi, o birisi isə bugünkü Avropa aristokrat təbəqəsinin gözlüyü arasından sadə bir “aktyor” kimi görürdü. Bu surətlə həvəskarlarımız dəxi o qədər sənət cəhətinə diqqət vermirlərdi. Bizdə cəmiyyətin tərəqqisi, xüsusilə, mədəni həyatın gedişi tədrici tərəqqi yolu ilə deyil, müəyyən tarixi vəqələrin tikanları üzərinə inqilabi sıçrayış və atıltılarla yürüdüyündən dünən görünməmiş sanılan bir şey bu gün əski və yaramaz görünə bilər. Hər halda bizdə 1905-ci ildən əvvəlki cəmiyyət, 1905-dən sonrakı, 14-cü ildən əvvəlki cəmiyyət, ondan sonrakı son Rusiya inqilablarından əvvəlki cəmiyyət bugünkü cəmiyyət deyildir. Bunun üzərinə dünənki bir “cəhalət” əsəri bu gün üçün gülüncdür, dünən məktəblərimizdə oxumaq istədiyi üçün bir qız, hətta oğlan çocuğu belə tapılmayırkən, bu gün məktəblərdə yer yoxluğundan qızlarımız küçədə durub pəncərədən baxaraq, dərs oxuyurlar. Dünən qadınsızlıqdan məscidə oxşar teatrlarımız bu gün mükəmməl bir cəmiyyət, hər dürlü, hər biçimli, hər boyalı çiçəklərə malik bir çiçəklik mənzərəsi ərz edirlər. Beləliklə, həyatı bu qədər dəyişdirən ictimai səviyyənin yüksəlməsi səhnəyə qarşı da münasibəti dəyişdirmiş, cəmiyyət irəlilədikcə bədii zövqlər, duyğular incəldikcə, səhnəyə qarşı duyulan artırılmış tələbatı, sənət tələbini təmin üçün ona mütabiq də hazırlıqlı və irəliləmiş aktyorlar da lazım idi. İştə teatrın əsil böhranı da buradan başlayırdı. 5 il bundan əvvəl səhnəni böyük bir müvəffəqiyyətlə dolaşan həvəskar bir müəllim, ya başqası bu gün sənətkar olmazsa, səhnədə duruş tutduramaz. 20 il bundan əvvəl buynuz taxınmaqla və səhnədə məftil üzərində uçurmuş kimi, yellənən bir aktyor hər kəsi heyrətə sala bilirdisə, bu gün mütərəqqi bir cəmiyyətin bədii zövqlərindən doğan adi bir tənqid gülüşündən başqa bir şey ola bilməz. Məhz, buna görədir ki, ilk əvvəl müftə çalışan həvəskarlardan bir çoxu səhnəni buraxıb yerlərini oradan ayrılmış bir az istedadlı adamlara və kənardan gələn qismən yenə də müftə, qismən də para və qismən bilkə də sənət üçün çalışan yeni həvəskarlara verdilər. Beləliklə, bu gün səhnəmiz: teatr tariximizin ələyindən keçmiş bir neçə nəfər biliyi az olsa da, hər halda təbii istedadı və bacarığı olan sənətkarlardan; bir çox, yenə də əskidən qalmış, fəqət nə biliyi, nə də istedadı olmayan və mühitdən geri qaldığını düşünməyərək səhnədən çəkilmək istəməyən bir taqım, “məccanı oynayıb, paralarını alanlar”dan; yenidən gəlmiş və ucdantutma qəbul edilmiş gənclərdən ibarətdir. Ümumiyyətlə, götürəcək olursaq, istedad və qiymətlərini inkar etmək istəmədiyimiz bir neçə nəfəri çıxınca, səhnəmizin qalan qüvvələrinin çoxusu istedadsız, sənəti yuxularında belə görməyən adamlardır. Heç olmazsa, bu istedadsızlıqlarına qarşı bir bilikləri, hazırlıqları, texnikaları olmuş olsaydı, yenə dərd yarı idi. Fəqət məəttəəssüfanə bu da yoxdur. Və bunu qanmaz yerdə çalışdıqları görünmür. Bu ancaq dramada çalışacaq aktyor və aktrisalardır. Opera cəhətincə işlər daha bərbaddır. Sənhəmizdə də olubolmadıqlarını bilmədiyimiz bir-iki nəfər nəzərə alınmazsa, bu günədək not oxuya biləcək bir aktrisa və aktyorumuz belə yoxdur. Rejissorluq xüsusunda danışmağa belə gəlməz. Xülasə, vaxtı ilə sırf maarif məqsədi təqib edən bir ovuc maarifçilərin, könüllü və para güdməyən həvəskarların qüvvəsilə başlayan teatrımız, getdikcə təkamül etmiş, əski həvəskarları bir çox “cır” kustar qüvvələr dəyişmişdir. Bunların arasında 50 illik teatr tariximizin yetişdirdiyi və bəlkə də bütün dünyanın bədii qüvvələrinə meydan oxuya biləcək sevimli simalar, talantlar yox deyildir. Bunların haqqını biz inkar edəcək olursaq belə, səhnəmizi görən başqaları təsdiq edirlər. Fəqət bunlar azdır. Qalanların çoxu, istedadsız, bacarıqsız, hazırlıqsız, savadsız yoldaşlardır. Təbii ildırım sürəti ilə tərəqqi və təkamül edən bir cəmiyyətə qarşı səhnəmiz belə qüvvələr ilə irəliləməyəcəkdi. Səhnəmiz hər gün sonsuz inqilabi təkanlarla irəli sıçrayan mütərəqqi cəmiyyətimiz ilə ayaq tutuşdurmayırdı. Buna qarşı səhnəmiz hər tərəfə çırpınır, yalvarıcı baxışları ilə bir nicat yolu arayır, bir sözlə, bu “cır” mühitin içərisində boğulur və sabah büsbütün boğulacağını hiss edirdi. İştə hazırlıqlı aktyor və aktrisalara olan bu ehtiyac o qədər kəskin idi ki, həyat özü bir teatr məktəbi lüzumunu irəli sürdü. Belə bir məktəb də açıldı. 2 Əvvəlləri teatr məktəbindən ehtimal ki, böyük səhnə “dahiləri” gözlənildiyi üçün yeni az-çox, ara-sıra məktəbə baxılırdı. Son zamanlar isə bu məktəbə qarşı münasibət büsbütün dəyişmişdir. Lazımınca gələn yox, baxan yox, soran yox, hətta məktəbin qapadılması təklifi belə eşidilməz bir şey olmadı. Həyat teatr məktəbindən gələcək üçün bacarıqlı, bilikli və geniş xalq kütlələri və teatr şəbəkələri, üçün sadə sıra işçiləri bəkləyirkən onu açanlar həyata yeni başlamış məktəbdən səhnə “dahiləri” tələb edirlərdi. Fəqət məktəbdə təbii olaraq belə “dahilər” heç də görünməyirdi. Halbuki, akademik teatrımızda məktəbin gənc müdavimlərindən daha qüvvətli adamlar vardır. Beləliklə, madam ki, məktəb gözlənən nəticəni vermədi, o halda “qapamaq lazımdır”, – deyə təklif edənlər də oldu. Çox ola bilər ki, bugünkü Türk teatr məktəbində səhnəmizin nadir yetişdirdiyi qüvvələr ilə rəqabət edə biləcək bir artist yoxdur və beləsi bəlkə də sabah işçi klublarının birindən çıxacaqdır. Fəqət burası məktəbə lüzum yoxdur, demək deyildir. Hər yeri, hər teatrı Bakı Türk Akademik Teatrı, hər aktyoru Şərifov, Əliyev, Anaplı və sairə arşını ilə ölçmək olmaz. Bir aktyor öz istedadı ilə bədənini hər dürlü hərəkətə uyuşdura bilir, istədiyi tipi yarada bilir. Fəqət qalanları bunun üçün uzun-uzadıya bədənlərini hazırlamalı, teatrı bilməli, tipləri tip yaratmalı, səhnənin nə olduğunu öyrənməli, bütün incəliklərinə bələd olmalıdırlar. Bunu da təbii ancaq mükəmməl bir teatr məktəbi yarada bilər. Burası hələlik teatrımızın birinci qüvvələrində olmazsa, hər halda, ikinci qüvvələrini bilikli, hazırlıqlı aktyorları ilə təkmil edə bilər. Bundan başqa, Bakı səhnəsi yalnız akademik teatr ilə məhdud qalmaz: indiki halda haqlı olaraq, teatra geniş xalq kütlələrinin səviyyəsini yüksəldəcək, ruhunu, bütün mənəviyyatını qüvvətləndirəcək, bədii zövqünü, duyğularını incəldəcək tərbiyəçi bir dairə kimi baxıldığından xalqımızın ehtiyacını təmin edəcək qədər də teatrçılığın dürlü-dürlü axıntılarını təmsil edəcək səhnələrimiz olmalıdır. Bunun üçün də bir çox qüvvələrə ehtiyac vardır. Halbuki, bugünkü teatrımızda vur-tut bir komplekt aktyorumuz vardır. Bundan başqa, bütün dairələrdə, işçi klublarında dram dərnəkləri vardır. Bunlar daha da artırılasıdır. Fəqət bu dərnəklərdə, bu klublarda kimlər rejissorluq və rəhbərlik edirlər? Hər halda biz ayrı-ayrı şəxsiyyətləri saymaq istəmirik. Yalnız burasını qeyd etməliyik ki, bunların çoxunda, hətta aktyorluğa belə yaramayan adamlar da rejissorluq, rəhbərlik edirlər. Ona görə də bu dərnəklərin bütün heyətləri də deyilsə, heç olmazsa, hər klubda, hər dərnəkdə bir nəfər hazırlıqlı dram rəhbər, rejissor, bir-iki nəfər də hazırlıqlı aktyor olmalıdır. Artıq işçi dairələri və klublarındakı səhnələrimizi də səhnəyə oxşar bir hala salmalı, buralarda az-çox incə bir sənət göstərməyə çalışmalıdırlar. Çünki hər iki gündə bir, dəzgahını buraxıb şəhərə gəlməyən bir dartayçının, bir dəmirçinin, bir kəndlinin incə bir sənət göstərməyə, bədii zövq almağa başqalarından daha artıq ehtiyacı vardır. Burada yenə ümid teatr məktəbinədir. Ara-sıra gedə biləcək səyyar dəstələrdən də sabit olmadıqları üçün bir o qədər də müsbət bir nəticə gözlənilə bilməz, həm də bunların gedə biləcəyi məsafə Bakı dairəsindən uzaq ola bilməz. Halbuki, bunların hamısından başqa orasını da unutmamalıdır ki, Azərbaycan yalnız Bakıdan ibarət deyildir. Azərbaycanda Zaqatala da, Kürdüstan da var, Göyçay, Gəncə və başqa qəxalar dəxi vardır. Biz hələ kəndlərimizi demirik ki, buralarda da artıq kəndlilərimizi məscid divarlarının dibindən, təkiyələrdən, çayxanalardan çəkib teatrlara sövq etmək lazımdır. Bunların hərəsinə yerli həvəskarlar vasitəsilə teatrlar qurmaq üçün heç olmazsa, birər hazırlıqlı adam göndərməlidir. Bunu da teatr məktəbi verə bilər. Burası gedərki qüvvələrə ümid bağlamaqdansa, qəzalardan, kəndlərdən həvəskarlar cəlb edib hazırlayaraq, öz yerinə qaytara bilər. Bu gün belə bir hazırlıq mənbəyi olmadığından xalqımız içərisində nə qədər böyük talantlar, vergili adamlar tanımadan, araya çıxarılmadan məhv olub gedirlər! Keçənlərdə məşhur musiqişünas Qliyer ilə küçədə bugünkü opera aktyorlarımızdan hansının səsi olub-olmadığı xüsusunda danışaraq gedirkən birdən-birə bu adam sözünü kəsib, mıxlanmış kimi dayandı. Eşitdiyi səsin haradan gəldiyini və oxuyanın kim olduğunu soruşdu. Eşidilən Təzəpir minarəsindən “obaşdanlıq” minacatı idi. Qliyer, nəhayət, bir qətiyyətlə söylədi ki, bu adam bu gün səhnəyə cəlb edilib öyrədilərsə, sabah bütün dünya səhnələrini dolaşan bir qüvvət kimi araya çıxa bilər. Çünki bu səs ahəngcə və məlahəti, xüsusilə, qüvvət və yüksəkliyi cəhətincə nadir görünə biləcək bir səsdir. Öyrəndik ki, minacat verən 22-23 yaşlarında gənc bir adamdır ki, bu il də yenə Təzəpir minarəsində ara-sıra könüllü olaraq minacat deyir. Fəqət nə qədər belə qüvvələrimiz Qarabağda və başqa yerlərdə “minacat!” deyir! Onu-bunu yamsılayaraq, xalqı güldürür. Və bunları idarə və təhrik edəcək bir adam, öyrədəcək, hazırlayacaq bir yer olmadığından yüzlər ilə belə xanəndələr araba şahnişinində oxuyaraq, yüzlər ilə tragiklər könül təkiyələrində “Qasım” ya “Ələkbər” şəbihi olaraq, yüzlər ilə komiklərimiz çayxanalarda xalqı güldürərək, başqaları üçün görünməz, tanınmaz olaraq, məhv olub gedirlər. Bunları da araya çıxara biləcək, böyük bir qüvvət kimi tərbiyə edə biləcək bir mənbə varsa, təbii, o da yenə hər şeydən əvvəl teatr məktəbidir. 3 Bugünkü teatrımızın ölüm-dirim məsələlərindən biri də rejissor məsələsidir. Rejissor olmaq üçün təbii bir qədər sənətkar və olduqca bilikli və məlumatlı olmalıdır. Eyni zamanda, şübhəsiz, hər bir xalqın səhnəsini idarə edəcək rejissor mükəmməl bir məlumatdan başqa bir də xidmət etdiyi səhnənin, mənsub olduğu millətin adət və ənənatını bilmək, bir təbiyyatşünas kimi təhlil etmək, öyrənmək, onun bütün misallarını, atalar sözlərini, dilini, danışığını, zərb məsəllərinin xüsusiyyətini, bayramlarını, yaslarını, bunların səbəbini təyin etməyə çalışan və həm də bacaran bir adam olmalıdır. Çünki bu xüsusiyyətlər hər bir xalqın ədəbiyyatında qeyd edildiyi kimi, onun səhnəsində də əks ediləcəkdir. Bir Azərbaycan ədibi nə qədər realist olmasa, nə qədər xəyalçı olursa belə, hər halda, onun öz xəyalında yaratdığını xəyali adamlar belə onun mühitindəki xüsusiyyətlərdən bir çoxunu əks etdirəcəkdir. Çünki bir ədib nə qədər xəyalçı olursa-olsun, mühitindən qaça bilməyəcək, ona ilham və təsirat verən mühitinə göz yuma bilməyəcəkdir. Hətta bir ədibin yaratdığı xəyali mələklər, cinlər, şeytanlarda öz mühit və millətinin xasiyyəti görünə bilər. Bir İran rəssamının çəkdiyi bir mələkdə, diqqətlə baxılarsa, bir iranlını tanımaq olur. Bir avstraliyalı göz açıb ətrafında qara üzlü, iri dodaqlı və ilaxir... adamlar gördüyündən, gözü, ruhu buna alışdığından ağ bir qadını bəyənməyə bilər. Bunun yaratdığı mələk öz mühitinin gözəli, bir Avropa və ya İran rəssamının yaratdığı mələklər də öz mühitlərinin gözəlləri olacaqdır. Çatma qara qaşlı, yumru üzlü Iran mələklərini kim görməmişdir? Halbuki, belələrini Avropa mələkləri arasında görmək olmaz. Bir xalqın bu ümumi zövqünü, xüsusiyyətinin bütün bir mühit mehrini sadə bir küvəcdə, bir su qabında, xülasə, hər bir şeydə görmək olur. Bir yazıçı yazırkən hər şeyi öz ruhunun, öz mənəviyyatının süzgəcindən keçirdiyi kimi, bir aktyor, bir rejissor da belə edir. Başqa dürlü də yaramaz. Çünki o istəsə də, istəməsə də belə olacaqdır. Sənət dediyimiz şeyin də əsası buradan başlanır. Ona görədir ki, bir rejissor nə qədər böyük bir alim, böyük bir talant, bir dahi olursa-olsun, başqa bir xalqın sənətini bütün təfərrüatına, bütün incəliklərinədək canlandırmayacaqdır. Adi bir timsal deyək: “Bizdə Allahü-əkbər” təbiri müxtəlif yerlərdə işlədilir. Allahü-əkbər! Tanrıya qarşı bir ərz übudət, “Allahüəkbər!” bir əzab, “Allahüəkbər!” bu da bir təəccüb və heyrət ifadə edir. Buna qarşı birinci ittifaqda bəlkə də əlləri göyə qaldırmaq, ikincidə məsələ qolları çırmayıb yumruq düyümləmək və üçüncüdə məsələ çiyinləri qaldırıb boyunu umuz içində sığmaq əvəzinə, bunu bilməyən bir rejissor “Allah” sözünü eşidən kimi həmən “Allah” deyə əlləri göyə qaldırır və nəticə etibarilə ayaqları da həqiqətən yerindən üzülüb üzüquylu yerə çırpılır və öz nabələdliyinin ağırlığı altında oynadığı əsərin də qol-qabırğasını qırmış olur. Bu il teatrımızda tərcümə edilmiş əsərlərin nə qədər böyük bir müvəffəqiyyət və səliqə ilə getdiyi, yerli yazıçıların əsərlərində isə bir quruluş süstlüyü görünməsi də, şübhəsiz, bunun bir nəticəsidir. Bundan artıq biz tələb də etmirik. Çünki mümkün deyildir. Buna görə də aramızda çalışan yoldaşları sevmək, onlardan istifadə etməklə bərabər, biz nə olursa-olsun öz qüvvələrimizdən rejissor yetişdirməliyik. Yalnız burada deyil, başqa-başqa mərkəzlərə də öyrənmək üçün adamlar göndərməliyik. Fəqət ucdantutma hər kəsi göndərmək olmaz. Göndəriləcək adamlar müəyyən ibtidai hazırlıq görmüş və bir çoxlarının arasından ayrılmış, seçilmiş adamlar olmalıdır ki, belə adamları da hər halda hər şeydən əvvəl teatr məktəbi verəcəkdir. Beləliklə, teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğu bizcə açıqdır. Xüsusilə, teatrlarımızın, klublarımızdakı səhnələrimizin hamısı üçün aktrisa hazırlamalıdır ki, burası akademik teatrının da ən canalacaq xəstə bir nöqtəsidir. İştə teatr məktəbimizdən gözlədiyimizin başlıcaları belədir. 4 Keçən saylarda biz teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğunu və görəcəyi işlərin başlıcalarını göstərmişdik. İndi məktəbin bugünkü vəziyyətinə keçək. Keçən il məktəb açılışının ilk ili olduğundan ancaq təşkilat işlərilə məşğul olaraq, təbii, müntəzəm bir hala düşə bilməyəcəkdi. Bu il isə məktəbə Bakıdan və qəzalardan bir çox yeni müdavimlər cəlb edildi. Hətta Türküstan və başqa cümhuriyyətlərdən də bir qədər müdavim göndərildi. Teatr sənəti cəhətincə hər halda Azərbaycan başqa türk ölkələrindən və bütün qonşu Şərq məmləkətlərindən irəli keçmişdir. Burası Azərbaycan teatr məktəbinin yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük bir əhəmiyyəti və lüzumu olması üçün artıq bir sübutdur. Fəqət bununla bərabər dərslər bu il də qənaətbəxş bir surətdə getmədi. Məktəbdə dərslərin bir çoxu rusca aparıldığından, müdavimlərin əksəri, xüsusilə, qəzalardan gələnlər rusca bilmədiklərindən və buna görə də dərslərdən lazımınca istifadə edə bilmədiklərindən, bəzi dərslərin tərcüməyə ehtiyacı varkən, bu məsələ bu vaxtadək yoluna qoyulmadı. İstər türkcə, istərsə, başqa dərslərin müəyyən bir proqramı yox, bütün iş müəllimlərin istək və vicdanlarına tapşırılmışdır. Bütün müəllimlər üçün müəyyən bir dərs planı, dərs proqramı düzəltmək, müəyyən bir hədəf təyin etmək lazım ikən, burası da diqqətsiz qaldı. Qəzalardan gəlmiş müdavimlər az-çox yaşaya biləcək bir mənzil bulmadılar. Səhnəmizin böyük nöqsanlarından biri də aktyorlarımızın danışıq dili, düzgün bir natiqəsi (diksiyası) olmamasıdır. Bu cəhət məktəbdə ilk planda qoyulmalı ikən, bu vaxtadək bir diksiya müəllimi tapılmamışdır. Teatrda çalışacaq məktəb müdavimlərinə pyesləri təhlil etmək lazım ikən, bu vaxtadək teatr məktəbində bu əsərlər xüsusunda bir söz söyləyən, bir məruzə dinləyən olmamış və ehtimal ki, bu günədək teatr məktəbi müdavimləri arasında bu əsərlərin nə olduğunu, qəhrəmanlarının kim olduğunu lazımınca düşünən və (xarakterin) nə olduğunu bilən yoxdur. Sözlərimizin xülasəsini deyərsək, bu gün Xalq Maarif Komissarlığı iki mühüm iş görmüşsə, biri teatr məktəbini açmasıdır. Bu gün məktəb lazımi yüksəkliyində deyilsə, onu sabah yüksək bir dərəcəyə qaldırmağa çalışmalıdır. Bu gün çox zəif gedən məktəbin sabah parlaq nəticə verəcəyi və bizim teatrlarımızı, klublarımızı və qəzalarımızı hazırlıqlı aktyor qüvvələri ilə təchiz edəcəyi şübhəsizdir. Təkliflərimiz: Bütün dərslər üçün proqram tərtib edilməli və ümumiyyətlə, məktəb olduqca müəyyən bir hədəfə doğru yönəldilməlidir. Dərslərin tərcümə işləri müntəzəm yoluna salınmalıdır. Keçilmiş dərsləri türkcə hazırlamaq imkanı verəcək dərs kitablarını hazırlatdırmağa çalışılmalıdır. Deklamasiya dərsləri üçün, bu cəhətcə az-çox bacarıqlı adamlardan bir heyət düzəltməli, rus və başqa dillər üçün olan kitablardan istifadə elədiyimizə uyğun bir üsul yaradılması həmin heyətə tapşırılmalıdır. Məktəb üçün dərs aparmaq imkanı verəcək bir mənzil tapılmalıdır. Bundan başqa məktəbdə dərslər praktik bir əsas üzrə qurulmalı, hər 10-15 gündə keçdiyi dərsləri açıq səhnələrdə nümayiş etdirməlidir. Buna görə məktəb üçün mükəmməl təchiz edilmiş xırda bir səhnə ayrılmalıdır. Məktəbə bugünkü Tənqid-Təbliğ Teatrı səhnəsindən istifadə imkanı verilərsə, çox gözəl olar. Mümkün qədər bütün qəzalardan yeni müdavimlər cəlbinə və gələnlər üçün az-çox yaşaya biləcək bir mənzil tapılmasına və ümumiyyətlə, məişətlərinin mümkün qədər yaxşılaşmasına çalışmalıdır. Müəllimlər heyəti gözdən keçirilməli, qurulacaq məramnamə üzrə artıq dərslər çıxarılmalı, çatışmayan dərslər üçün lazımi tədris qüvvələri cəlb edilməlidir. Məktəb ilə Dövlət Darülmusiqi arasında bir kontakt düzəltməyə çalışmalıdır. Xüsusilə, opera şöbəsinin səhnə texnikası cəhətini məktəb, musiqi cəhətini isə Darülmusiqi təmin edə bilər. Son vaxtlar A.F.K. İdarəsi yanında açılan kinostudiyanı teatr ilə mümkün qədər sıx bir surətdə mərbut etməlidir. Yeni studiyada da nəzəri dərslərə ehtiyac olduğundan, mümkün olursa, həmin studiya teatr məktəbi yanında açılmalıdır ki, beləliklə, nəzəri və əməli dərslər müttəhid keçildiyindən, maddi cəhətcə daha çox qazanıldığı kimi, bu məktəbin də ciddiləşməsinə və həvəslə çalışmasına səbəb olsun. * * * Haruna cavab Möhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir. Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir. Hamleti Şekspirin özü yazdığı kimi oynamaq olmaz. Çünki orada əsər pərdələrə və səhnələrə belə bölünməmişdir. Bunların hamısı sonradan yapılmışdır və indi də doğruluğu mübahisəlidir. “Şekspirin faciələrini səhnəyə uyuşdurmaq lazımmıdır? Bu məsələ artıq bitmişdir. Kimsə Şekspirin əsərlərinin guya yazıldığı kimi göstərilməsi lüzumunu iddia etmir. Bu məsələni hələ Gete “Vilhelm meyister” adlı romanında həll etmiş və Şekspir əsərlərinin müasir səhnə şəraitinə uyğunlaşdırılması lüzumunu kəsdirmişdir. O zamandan bu fikir bir həqiqət halı almışdır”. Rus ədəbiyyatçılarının bu gedişini biz ən doğru bir yol bilirik. Buna görə də səhnə üçün ən yararlı olan Polevoyu tərcümə üçün əsas intixab etdik. Polevoy bir çox lüzumsuz yerləri atmış, hətta bəzən özündən belə artırmış və “Hamlet”i əsası pozulmaması şərtilə rus mühitinə yaxınlaşdırmışdır. Buna görə də biz Polevoy üçün kor bir qramafon plastinkası olmaq istəmədik. Onu türk cəmiyyətinin ruhuna yaxınlaşdırmağa çalışdıq. Beləliklə, bir məzarçının: Mən bir igid gənc idim – oxuyardım, gülərdim, İndi artıq qocaldım – bir mən qaldım, bir dərdim, – deməsi və yaxud: İnsan qəbri mübarizkən – son geyimi, donu bu, Yaşa-yaşa, öləcəksən – yaranmışın sonu bu, – deməsi bizim adi xalq bayatılarımızdan bir o qədər də fərqli deyildir. Bəşəri bir əsəri ruhumuza yabançı bir şəkildə tərcümə etmənin, bizcə, bir mənası yoxdur. Şekspirin tərcümeyi-halını və əsərləri haqqında bir çox məqalələr yazan məşhur alman tənqidçisi (Els) alman tənqidçilərinin Şekspir haqqında yazdıqlarına yekun vurduqdan sonra Şekspirin almancaya tərcüməsi haqqında yazır ki: “romantiklərə (Şlegel)ə biz Şekspirin tərcüməsilə mədyunuq. O, (Şlegel) bütün başqa tərcümələri geridə buraxmış və Şekspiri bir alman klassiki yapmışdır”. Buna görədir ki: biz də “Hamlet”i ruhumuza yaxınlaşdırmaqda özümüzü haqlı gördük. Sözlərin və təbirlərin intixabında belə rus mühitinə daha doğma olan Polevoy üzərində qalmayıb, yeddi-səkkiz kitabdan istifadə etdik və hər yerdə dilimizə, ahəngimizə və ruhumuza daha yaxın, daha təbii və doğma sözləri, təbirləri seçib aldıq. Bu kitabların arasında tənqidçi yoldaşın irəli sürdüyü Qrunberqin də tərcüməsi vardır. Məsələn, duel vaxtı Polevoyun “Udar, eşe udar – ne udar” sözlərini “Zərbə, bir zərbəyə vurğu daha”, – deyə yazmaq əvəzinə Qrunberqin “bir-iki” – deyə yazdığını daha əlverişli görüb intixab etdik. “Zərbədir, zərbə deyil” əvəzinə isə “dəydi-dəymədi” yazmağı münasib gördük. Bununla bərabər, biz mümkün qədər sənədlərdən uzaqlaşmağa çalışdıq. Çünki bizdə başqalara qarşı kor bir tapqınlıq, özümüzə qarşı kor etimadsızlıq vardır. Almanların Şekspiri almanlaşdırması haqlı, bizimki isə haqsız görünə bilir. Gələk tənqidçinin bariz və fahiş yanlış kimi göstərdiklərinə. Qabaqcadan orasını qeyd edək ki, dünyada ümumən, absalyut olmadığı kimi, bizim də tərcüməmiz nöqsansız deyildir. Ehtimal ki, bir çox səhvlər gözdən qaçmışdır. Hələ biz biləni bir yerdə “su; adam yox... hərgah adam getsə idi” əvəzinə “kişi, qadın yox, hərgah bu qız getsə idi” – deyə çap edilmişdir. Ehtimal ki, böylə mürəttib və müsəhhih xətası bir-iki daha buluna bilər. Lakin bunlar Harun yoldaşın qopardığı “cinayət” gurultusuna dəyməz. Bunu altı sütun üçün 26 sətir təshih verən möhtərəm “Yeni fikir” idarəsi də inkar etməz zənnindəyik. Təkrar edirik ki, tək-tək nöqsanlar bəlkə də ola bilər. Ancaq hər halda Harun yoldaşın göstərdikləri deyildir. Harun yazır: Cəfər Cabbarlı “prinsə salamlar”, “bunu sənin üçün düşmənlərin belə deyəməz”. “Yoxsa burada sərxoşluq öyrənmək istəyirsiniz, pək eyi, biz sizi öyrədərik, həm də pək tez” və i. a. yazılmışdır. Halbuki, tənqidçinin fikrincə: “Nəcib prinsə salamlar olsun”, “Mən sənin düşmənlərindən də belə bunu eşitmək istəməzdim”, “Sən burada ikən sənə piyalələri boşaltmağı öyrədərlər” və i.a. yazmaq lazım imiş. Harun yoldaş, bir neçə kitaba müraciət etməyi bizə öyrətməkdənsə, özünüz zəhmət çəkib bir neçə kitaba baxa idiniz, onda görərdiniz ki, mənim yazdıqlarım Qrunberqdən deyil, Polevoydandır. Həm də nəhs kimi burası təhtülləfz düzdür. Biz yer tutmamaq üçün parçaları və ruscasını yazmır və burasını təsdiq etməyi möhtərəm “Kommunist” idarəsindən rica edirik. Onsuz da “Prinsə salamlar” ilə “Prinsə salamlar olsun” arasında nə fərq vardır. “Nəcib” sözü isə Qrunberqdə yoxdur. Tənqidçi yoldaş özündən artırmışdır. Polevoyda: “Privet prinsu”, Qrunberqdə isə: “Moyo poçtenye, prins”, yazılmışdır ki, birinci “Prinsə salamlar”, ikinci isə: “Prins, ərz, ehtiram”, – deməkdir. Böylə xırda şeylərin əhəmiyyəti varsa, tənqidçi yoldaş lütfən öz səhvini düzəltsin... “Olsun” sözünü isə biz artıq gördük. İkinci parçaya keçək. Polevoy yazır: “Sokruşaysya serdse”, biz “uçul ürəyim” deyil, “didil, parçalan” sözünü daha doğru, daha ahəngdar gördük. Qrunmberqdə “Skorbi duşa moya” yazılmışdır ki, nəticə etibarilə hər ikisi birdir. Burada da “ağla” sözü düz deyil, çünki “skorb” qəm və kədər deməkdir. Bunlar xırda şeylərdir, lakin tənqidçi bu xırda şeyləri cinayət sayır. Gələk “ölüm ya olum” monoloquna. Burası doğrudan da “Hamlet” üçün ən canalıcı bir nöqtədir. Çünki bütün əsərin psixoloji və fəlsəfi məhvəridir. Tənqidçi yazır: “Burada Cabbarzadəyə məxsus bir çox mənasız sözlər vardır. Məsələn: “ölüm ya olum”. Halbuki, yaşamaq ya ölmək olmalıdır. Əvvələn, tənqidçi yoldaşda azacıq bir düşüncə olsa idi, burada bir mürəttib xətası olduğunu düşünmüş olardı. Bu dəfə “ya” sözlərin başqa-başqa, həm də daban-dabana zidd sözlər olması lüzumunu göstərir. Öz məqaləsində “Məlun cinayət” yerinə “telefon cinayət” çıxmasını o başa düşməli idi. Nəhayət, bir az qərəzsiz olsa idi, kitabın sonunda həmin monoloqun başqa bir üslubda yazıldığını və orada açıq-aydın “olum ya ölüm” yazılmış olduğunu görə bilərdi. (Lakin onda tənqid üçün material olmazdı). Biz olmaq, ya ölmək sözlərindən “olum ya ölüm” göstərmişik. Yaşamaq, ya ölmək isə doğru deyildir. Çünki o zamanlar “Hamlet” atasının qatilindən intiqam almaq istəyirdi. Bunun üçün isə onda lazımi qətiyyət yox idi. Düşünür, daşınır, bir qətiyyətə gələ bilmir, eyni zamanda mühit ilə mənliyi arasındakı təzadlara, daxili mübarizələrinə dayanmayıb, intihar etmək fikrinə belə gəlmişdi. Bu da onun düşüncələri arasında itib gedirdi. Buna görə də monoloq Hamletin bu əhvali-ruhiyyəsinə uyğun olaraq ingiliscə “t”-bu ornot ty-bu” təbirilə başlanır ki, burası rusca bütün tərcümələrdə təhtül-ləfz “bıt ili ne bıt” tərcümə edilir. Buradan cinas olaraq əmisini öldürmək lazım olub olmadığı və intihar lazım olub olmaması çıxarıla bilir. Burasını Abdulla Cövdətbəy “Varlıqmı ya yoxluqmu?” tərcümə etmişdir. Yaşamaq, ya ölmək isə məsələni birtərəfli qətiləşdirmək deməkdir. Halbuki Hamlet eyni zamanda “qəzanın ağır tokatlarına dayanmaq, ya da mübarizəyə girişib fənalığı məhv etmək” lazım olduğunu düşünür ki: “bıt ili ne bıt” buraya daha aiddir. “Olum, ya ölüm” də burasını hər bir tərəfə aid etmək üçün götürülmüşdür. Sonra “fəna silabının coşqun dalğalarına qarşı qoyub onu qurutmaq, əzmək... yer üzündən qaldırmaq” cümləsində tənqidçi deyir: “Dalğanı qurutmaq olar, əzmək olmaz”. Ədəbiyyatda bir çox cinaslar, məcazlar, kinayələr, istiarələr vardır. Xüsusilə, Şərq ədəbiyyatı bu cəhətcə ən irəli getmişdir. Biz bilmədik ki, tənqidçi yoldaş Kür çayının dalğalarını həvəngə töküb döyəcək və bir nəticə çıxarmayacaqdır. Yoldaş ədəbiyyat bilmirsə, bir az oxusun. Sonra yazır: “Rəzillərin məzəmmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi”. Bu isə tam mənasız bir kəlmə (yoldaş bir az sərf-nəhv də oxusa, yaman olmaz. Çünki “tənqidçi” hər halda cümlə ilə gəlmənin fərqini bilməlidir). Bu cümlə: “Rəzillərin xidmətlərə qarşı coşan nifrətlərinə kim dayanmaq istərdi”. Burada dolaşıq isə ikinci monoloqda bu cümlə “Ya doğruluğun bir yaramazlıq kimi təkdirinə kim dayanardı” – deyə yazılmışdır. Oradan bəlkə anlaya bilir. “Məzəmmət” sözü isə kitabda yoxdur. Tənqidçi bu sözü böhtan olaraq mənə isnad verir. Nəhayət, tənqidçi yazır: “Düşündükcə tələsik həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”... “Bu sözlərin mənasını anlamaq mümkün deyildir. Bu kəlmələri Şekspirin Hamleti deyil, yalnız Cabbarzadənin “Aydın”ı deyə bilər. Bu sözləri yalnız Cabbarzadə öz əsərinə yaza bilər: Hamlet böyük duyğulara, eyni zamanda dərin bir düşüncəyə malikdir. Əsl fəlakəti də burasıdır. Həyəcanlarından, duyduqlarından tez bir nəticə çıxarır, sonra isə bu fikri beynində ilişib qalır, onu həyata keçirə bilmir. Gete deyir: “Hamletin üzərinə böyük bir iş qoyulmuş, təbiətən isə ona bu işi həyata keçirəcək bir qüvvə verilməmişdir. Şekspir burasını təsvir etmək istəmiş, bütün əsər də bunun üzərində qurulmuşdur. Bu xüsusda ən ilk mənbə sanılan (Kosric) isə deyir ki: Hamletdə o (Şekspir) xarici həyat təsiratını almanın əql mühakiməsilə məvazinəsi olması lüzumunu göstərmək istəmişdir. Hamletdə isə bu məvazinə pozulmuşdur. Onun həqiqi duyğuları, onun düşüncələri arasından keçincə öz boyasını itirib başqa bir rəng alır”. “İştə böylə bir adamı Şekspir öylə bir vəziyyətdə qoyur ki, tez və qəti hərəkət etməlidir”. Hamlet ölümdən qorxmur, lakin o, həssaslıqdan titrəyir. Sonsuz düşüncələr içərisində işi gecikdirir və ciddi hərəkət istedadını itirir. Ingilis münəqqidi Şəraşə də əsas etibarilə və bir az əlavə ilə bu fikrə şərikdir. Beləliklə, Hamlet duyğuları üzərində bir şey düşünür, sonra isə fikrini işə keçirə bilmir. Burasını tənqidçi yoldaş anlamırsa, biz nə edə bilərik? Polevoy yazır: И яpkий цвeт мoгyчeгo peшeния Блeднeeт пpeд мpakoм paзмышлeнья; И cмeлocть быcтpoгo пopывa гибнeт, И мыcль нe пepexoдит в дeлo. Qrunberq isə Tak блekнeт в нac pyмянeц cильнoй вoли Koгдa нaчнeм мы paзмышлять, cлaбeeт Живoй пoлeт oтвaжныx пpeдпpиятий И poбkий пyть ckлoняeт пpoчь oт цeли. Biz isə burasını: “Qəti bir iradənin iti boyası təfəkküratın zülmətinə qarşı soluyor. Düşündükcə həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”, yəni əski molla dəlilə qövl felə mübəddəl olmur, – deyə yazmışıq. Görünür tənqidçi yoldaş nəinki ingiliscə, nəinki rusca, hətta türkcə də bilmirmiş. Bu isə, hər halda, bizim təqsirimiz deyildir. Bunun üçün savadsızlıq kursları vardır. Tənqidçi yoldaş özü başqa bir monoloğ tərcüməsi təklif edir: Biz onun qırıq-tökük dilini qəbul etməkdənsə, əlimizdə Abdulla Cövdətbəyin mükəmməl tərcüməsi vardır. Ondan istifadə edə bilirdik. Tənqidçi yoldaş isə 20 sətirlik bu tərcüməsində aşağı-yuxarı 25 böyük qələt buraxmışdır. “Aldadılmış eşqə” kimi dözərdi deyil, Qrunberqdə: “Unudulmuş eşqə”, Polevoyda isə “Qaytarılmış eşq”dir. Hamletin Ofelyanı ya Ofelyanın Hamleti aldatmalarını tənqidçi yoldaş düşünməyərək təsdiq edir. Onlar bir-birini səmimi eşqlə sevir, aldatmırdılar. Sonra Qrunberqdə tənqidçinin dediyi kimi “Dünyanın zülm istehzasına deyil, əsrin zülm və istehzasına dayanılmaz” deyilir ki, burası da mühüm məsələdir. Sonra tənqidçi: “Bu qorxu bizim hamımızı qorxaq etmişdir” deyə tərcümə edir. Halbuki, yuxarıda dediyimiz kimi Hamlet ölümdən qorxmur. Qrunberqin tərcüməsindən: “Beləliklə, vicdan bizim hamımızı qorxağa çevirir”di. Bu isə yenə də Hamletin düşünüb daşınması və öz vicdanından qorxub bir iş görməməsi deməkdir. Abdulla Cövdətbəydə burası: “Dünyada təfəkkürdür edən bizləri qorxaq”, – denilir ki, bu da doğrudur. Tənqidçinin isə: “Hamletin” qorxudan qorxağa çevrilirik”, – deyə yazdığı cümlə yanlış və mənasızdır. Lüzum görülürsə, biz bu 20 sətirdə ümumi ölgünlük və söküklükdən başqa daha bir çox yanlışlar, həm də böyük yanlışlar göstərə bilərik. Tənqidçi yoldaş! Bizdən böylə bir tərcümə tələb edirsəniz, əfv edərsiniz, biz onu edəməyəcəyik. İstərsiniz özünüz edib özünüz də oxuya bilərsiniz... Nəhayət tənqidçinin bir iddiasını da qeyd edib bitirəcəyik. Tənqidçi deyir: “Cabbarlı bir çox yerləri anlamadan başqa cür tərcümə etmişdir. Məsələn, 30- cu səhifədə: “Barmaqlar dodaqlara və əbədi sükut!” “Hadisə hər şey xaricindədir”. “Məlun cinayət, neçin mən sənə cəza verməyə doğuldum?”. Burada bir çox mənasız sözlər vardır: “Barmaqlar dodaqlara”, “Hadisə hər bir şey xaricindədir”. Cinayətə cəza verilməz. Şekspir isə burasını boylə yazmışdır: “Vaxt öz cızığından çıxmışdır, lənət olsun onu yenidən öz cızığına salmaq üçün məni doğuran fələyə”. Oxucu görür ki, burada nə hadisə var, Nə məlun cinayət, nə cinayətə cəza, nə də barmaqlar dodaqlara. Görünür, Cabbarzadə ingiliscəni bilmədiyi kimi, ruscanı da bilmir”. İngilis və rusca bilən Harun yoldaş, bizə öyüd verməkdənsə, özünüz Qrunberqdən başqa bir kitaba da baxa idiniz. O zaman mənasız dediyiniz sözlərin mənə aid olmadığını və Polevoyun 26-cı səhifəsində “Barmaqlar dodaqlara” və i.a. sözləri eynən yazıldığını görərdiniz. Hətta Polevoyda deyil, Qrunberqdə də “barmaqlar dodaqlara”, – deyə yazılmışdır. Hətta ingiliscə orijinalda da burası böylədir. İngiliscə və rusca bilən tənqidçi yoldaşın bu sözləri, mənasız deyə bizə isnad verməsi bir böhtan və iftiradır. Tənqidçi yoldaş bunu bilərək yapmışsa, məhkəmə qarşısında cavab verməli, bilməyərək məlumatsızlıqdan və Qrunberqdən başqa bir kitab görməməkdən yazmış isə, məlumatsızlığını əfkari-ümumiyyə qarşısında söyləməlidir. Bunu biz tələb etmirik, bunu böhtanla sütunları qaralanmış “Yeni fikir” qəzeti tələb edə bilər. Harun yoldaş, Şekspiri bir kitab ilə tərcümə etmək olmaz. Bunu biz bilirik. Bir Qrunberq ilə də tənqid etmək olmaz. Siz də bunu biliniz. Çünki tərcüməçi məsul isə, tənqidçi də məsuliyyətsiz deyildir. * * * Türkoloji qurultay və sərf-nəhv məsələsi Fevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır. Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır. Bundan başqa dilimizə soxulmuş və öz qanunları ilə köçmüş yabançı sözlər türk boğazına girəcək bir qalığa salınmalı və dilimizin tələb etdiyi müəyyən qanunlar altına alınmalıdır. Ümumən bir çox bu kimi qatışıq məsələlər üzərində çalışılmalı və pək çox çalışılmalıdır. Ayrıca türk dilinin xüsusiyyətlərinə və öz qanunlarına istinadən bir sərf-nəhv düzəltmək məsələsi ötəndən bəri Azərbaycanda da fikirləri məşğul etmiş, hətta göstərilmiş əsaslar üzərinə xüsusi bir komisyon tərəfindən bir sərf-nəhv düzəlmiş və bir kitab olmaq üzrə Azərnəşr tərəfindən nəşr edilmişdir. Bu kitab haqqında vaxtilə “Kommunist” qəzetəsində mübahisə aparılmışsa da, lazımi bir aydınlığa varılmamışdır. Bu gün isə qurultayda danışılacaq sərf-nəhv məsələsinə öncədən hazırlıq aparmaq lazım olduğundan bu məsələ ətrafında geniş mübahisə açılmalı, hər kəs öz fikrini bildirməli və müntəzəm surətdə bu məsələnin aydınlaşdırılmasına və beləliklə qurultay üçün də material ola biləcək fikirlərin bir araya toplanmasına çalışmalıdır. Bu münasibətlə “Kommunist” qəzetəsi yanındakı klubda iclaslar, müşavirələr düzəltmiş, fəqət məsələ yazı yapraqlarına, mətbuat sütunlarına keçirilməmişdir. Halbuki, buna böyük bir ehtiyac vardır. İştə bunların həpsini nəzərə alaraq ümumən sərf-nəhv məsələsi başlıca olaraq komisyon tərəfindən düzəlib. Azərnəşr tərəfindən basdırılmış sərf-nəhv kitabı haqqında mətbuatda geniş mübahisə açılmalıdır. * * * Tərcümə məsələsinə əhəmiyyət verilməlidir Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor. Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor. Yenə yarın ikinci kitab üzərində bu əməliyyat yapılıyor. Məsələyi nədənsə, kimsə əsas bir şəkildə araya sürməyir. Halbuki bu o qədər də səthi keçiriləcək bir məsələ deyildir. Bu gün Azərbaycanda bir çox ədəbi, ictimai, siyasi, elmi, fənni və sair kitablar tərcümə ediliyor. Bu kitablardan yalnız Azərbaycanda deyil, bəlkə bütün türk ölkələrində istifadə ediliyor. Minlərlə paralar sərf ediliyor; nəticədə də tərcümənin yaramazlığı üzərə yenə kitab atılmaqdan başqa bir şeyə yaramıyor. Təbii, bu hər kəsi düşündürməyə layiq bir məsələdir. Volfsonun kitabı tərcümə edildi, bu gün kimsə istifadə edəmiyor. Daha bir çox kitablar göstərilə bilər ki, alanlar yersiz para itirməkdən başqa bir şeyi qazanmamışlardır. Təkrar tərcümə ediliyor, o da əvvəlkindən irəli gedəmiyor. Burada əsas təqsir kimdədir? Bizcə təqsir müştərəkdir. Onun bir qismi tərcüməçilərdə, bir qismi Maarifçilər ittifaqında və ən böyük bir qismi də nəşriyyat idarələrindədir. Əvvəla, tərcüməçilərimizdən kimsə öz qüvvətilə, bilişilə, bacarığı ilə, ixtisas ilə hesablaşmaq istəmiyor. Azacıq rusca, ya başqa bir dil bildisə ilk təklif edilən kitabı alıb tərcüməyə girişiyorlar. Halbuki məsələ ruscadan bir kitabı tərcümə edə bilmək üçün yalnız rusca bilmək kafi deyildir. Bir də kitabın bəhs etdiyi məsələyi ətraflıca bilmək və bu məsələ ilə mükəmməl tanış olmaq, daha doğrusu, o dairədə bir mütəxəssis olmaq lazımdır. Bizdə isə böylə deyildir. Çox vaxt bir söz başqa-başqa elmlərdə bir istilah olmaq üzrə başqa-başqa mənalar ifadə ediyor. Buna görə də tərcüməçi tanış olmadığı bir məsələdən tərcümə etdikdə çox vaxt istilahları qatışdırıyor. Bundan başqa bəzi tərcümələr də vardır ki, özləri qüvvəli olsalar da ancaq tez para almaq üçün çalışıyor, tərcümələri başdansovma eyləyib üzərlərində olan məsuliyyəti düşünmək istəmiyorlar. Nəşriyyat idarələrinə gəlincə bunlar da bir dəfə tərcümə üçün çağırdıqları adamların qüvvəsini, biliyini, ixtisasını bacarığını bilmədən tərcümənin ucuzluğu ardınca qaçıb, hər bir kitabı onlara veriyor və nəticədə də kitabların yaramazlığı kimi ağır bir vəziyyət qarşısında qalmış oluyorlar. Hətta çox vaxt mətbuatda tərcüməsinin yaramazlığı qeyd edilən adamlara təkrar tərcümə veriliyor və yenə də əvvəlki vəziyyət meydana çıxıyor. Maarifçilər ittifaqı həqqində orası qeyd olunmalıdır ki, bu vaxta qədər ittifaq öz üzvü olan tərcüməçilərin maddi və mənəvi vəziyyətlərini qəti bir surətdə müəyyən edib, düzgün bir çərçivə içərisinə almamışdır. Onların ixtisasını və ixtisaslarına görə ala biləcəkləri əmək haqqı məsələsini düzgün bir yola salmamışdır. Bizdə, artıq bu hala bir son qoyulmalıdır. Gələcəkdə çəkilən əməklərin, sərf edilən paraların yersiz itməməsi üçün hər şeydən əvvəl Maarif işçiləri ittifaqı tərcüməçilik adı almaq istəyən adamların gərək ixtisasını, gərəksə biliyini və tərcüməçilikdə bacarığını aydınlaşdırmalı və tərcüməçiliyə qəbul ediləcək adamlar üçün müəyyən dərəcələr təyin etməlidir. Bunun üçün tərcüməçilər siyahıya alınıb, imtahan edilməlidirlər. Və nə kimi tərcümələri bacarmaları haqqında əllərinə vəsiqə verilməlidir. Bu xüsusda Maarifçilər ittifaqı tərəfindən arada bir təşəbbüs edilmiş, hətta müəyyən bir komission düzəlmişsə də, mütəəssüfanə bu vaxta qədər bu komisionun fəaliyyəti görülməmiş və işlərindən bir nəticə çıxmamışdır. Bildiyimizə görə, bu xüsusda tərcüməçilərə paylanan anketlər bu vaxta qədər ittifaqda yatıb qalmaqdadır. Halbuki bu məsələ mahudlar altında yatırılacaq bir məsələ deyildir. Bu məsələyi maarif işçiləri qurultayı da müzakirə ilə öz qətnaməsində qeyd etmişdir. Nə olursa-olsun, bu məsələyə ciddiyyətlə girişməli və tezliklə həyata keçirilməlidir. Nəşriyyat idarələri əllərində böylə vəsiqələri olmayan adamlara tərcümə verməməlidir. Bundan başqa tərcüməçilərin “xaltura”sından yaxa qurtarmaq üçün hər bir əsər çıxan kimi qəzetə idarələrinə və mütəxəssislərə göndərilməli və kitab haqqında yazılan biblioqrafiyalara diqqət edilməlidir. Xaltura yapması görülən tərcüməçilərə çox qüvvətli olsalar belə, bir daha tərcümə verilməməli və ya tərcümələrin sağlamlığını təmin edəcək şərtlər qoyulmalıdır. Bundan başqa yaxşı tərcüməçilərin əmək haqqı da müəyyən bir nizama salınmalı, müqtədir tərcüməçilərin mütəxəssislər kimi əmək haqqı ala bilməsi üçün çalışılmalıdır. Bunların hamısı ilə bərabər, bacarıqlı tərcüməçilər hazırlamağı da unutmamalıdır. * * * Kənd səhnələrinə kömək edilməlidir Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir. Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur. Bundan başqa bəzi səyyar dəstələr, xüsusilə, işçi-kəndli teatrı aktyorları, “Damğa” kollektivi və sairə rayonlara gedib teatr tamaşaları verirlər. Bunun üzərinə işçi klublarındakı dram dərnəklərinin də fəaliyyəti əlavə edilirsə, Bakı və dairəsindəki işçilərin səhnə cəhətincə ehtiyacları tamamilə də olmasa, azçox ödənilir denilə bilər. Halbuki, kəndlərin vəziyyəti bambaşqadır. Az-çox asan nəqliyyat yolları olan və çox yaxında bulunan dairələri belə lazımınca ödəməyən mərkəzi teatr təşkilatları və onların səyyar dəstələri təbii olaraq, uzaq qəza və kəndlərə heç bir yardım göstərməyirlər. Ara-sıra yayda mərkəzdə oyunlar bitirkən, kəndlərə səyyar dəstələr gedib, bəzi dairə mərkəzlərində bir-iki tamaşa verirlərsə də, bu, ümumi ehtiyaca qarşı heç dərəcəsində qalır. Onsuz da bütün yayı çöl işlərilə məşğul olan kəndlilər, belə nüdrəti tamaşalardan çox az istifadə edə bilirlər. Buna qarşı bütün qış işsiz və asudə ikən dəstələri görəməyir, vaxtını kəndlərin baqqal və çayçı dükanlarında söylənən nağıllar ilə keçirmək məcburiyyətində qalırlar. İlin bu vaxtında da kəndlərə səyyar aktyor dəstələri gedə bilmirlər. Burada yeganə bir çarə qalır ki, o da hər kənddə bulunan gənclər özəklərinin və bəzi kəndlərdə olan həvəskarların fəaliyyətidir. Bunlar, təbii, bacarıqca çalışır və ara-sıra göstərdikləri başsızayaqsız oyunlarla kəndliləri həvəsləndirir, klub, qiraətxana və bu kimi maarif ocaqlarına cəlb edirlər. Fəqət bunların fəaliyyətinə rəhbərlik edəcək, ibtidai ehtiyaclarının belə rəfinə çalışacaq bir mərkəz olmadığından, bu kənd təşkilatlarının da fəaliyyəti pozğun bir halda gedir. Bu həvəskarlar dəstələri, özəklər, hər şeydən əvvəl istifadə edilə biləcək səhnə ədəbiyyatı tapa bilmirlər. Bu cəhəti az-çox təmin üçün keçənlərdə AHİŞ tərəfindən “Damğa” adlı bir məcmuə çıxarılırdı. Burada kəndlilər üçün uyğun materiallar az olsa da, hər halda ufaqtüfək parçalarından istifadə edilə bilirdi. Təəssüf edilməlidir ki, son zamanlar bu “Damğa”nın da nədənsə nəşri dayandırılmış, düzələn əsərlər bir nüsxədə olaraq “Damğa” kollektivi əlində qalıb, mümkün olan yerlərdə bu kollektivlər tərəfindən (o da işçi rayonlarında) oynanır. Bunun nəticəsində kəndlərdə oynayan həvəskarlar və özək dəstələri yeni səhnə ədəbiyyatı tapa bilməyib, əski, əhəmiyyətlərini itirmiş, yaramaz biriki əsərin təkrarına məcbur olurlar. Bundan başqa, kənddə oynayan dəstələr qrim, paltar və bu kimi adi şeylər cəhətincə də ehtiyac içindədirlər. Dekor haqqında danışmağa belə gəlməz. Bunların hamısı kənd həvəskarlarının işini pozub axsadır. Burası gərək musiqi, gərəksə rəssamlıq və başqa cəhətlərcə kənd yaradıcılığına rəhbərlik edəcək, nöqsan və ehtiyaclarının rəfinə çalışacaqdır. Belə mərkəz başqa cəhətlərcə də olmasa, heç olmazsa kənd səhnə işlərinə rəhbərlik etmək üçün Azərbaycanda da açılmalıdır. Hər halda bu və ya başqa bir vasitə ilə aşağıdakı əməli işlər görülməlidir: Kənd həvəskarlar dəstələrinin və gənclər özəklərinin səhnə ədəbiyyatına olan ehtiyaclarını ödəmək üçün keçmiş “Damğa” biçimində bir məcmuə çıxarılmalıdır ki, burada da təsadüfi, biryolluq parçalardan daha artıq bir, ya iki pərdəli əsərlər yazılmasına çalışmalıdır. Belə bir məcmuə satışa buraxılarsa, öz xərcini ödəyə bilər. Bütün həvəskarların müştərək istifadəsi üçün hər kəndə 2-3 qutu da olsa qrim-boya göndərilməlidir. Bunlar külliyyatlı bir surətdə hazırlaşdırılırsa, daha ucuz başa gəlib, kəndlərə də ucuz buraxıla bilər. Paltar və dekor məsələsinə gəlincə, burası bir qədər çətindir. Bizcə, həvəskarları heç olmazsa, adi paltarlarından çıxara bilmək üçün qırmızı, göy və ya başqa bir boyada satin və bu kimi ucuz parçalardan köynək (forma) hazırlanırsa, daha yaxşı olur. Bu köynəklər (sini bluz kimi) bütün oyunlarda geyilə bilər. Bunun üçün bəlkə başqa bir yol da varsa, onun təşkilini təklif etdiyimiz Mərkəzi İncəsənət Evi düşünə bilər. Dekor məsələsində hər kənd üçün meşə, otaq və bu kimi bir neçə ümumi “arxalıqlar” (zadniklər) çəkilib göndərilərsə, kafidir. Bu, texniki cəhətcə çox asan və ucuz başa gələ bilər. Yan divarlar üçün şəhərin özündə də pərdələrdən istifadə edildiyi kimi, kəndlərdə də xalça-palaz və bu kimi şeylərdən istifadə edilə bilər. Burada kənddəki şeylərdən səhnədə necə istifadə etmək, qrimi işlətmək və bu kimi məsələlər qalır ki, bunun üçün də xüsusi təlimatçılar təyin edilməlidir ki, gələcəkdə bunun üçün türk teatr məktəbini bitirəcək yerdən gəlmiş müdavimlər də çalışa bilər. Bundan başqa, kənd həvəskarlar dəstələrinin üzvləri şəhərə gələrkən Mərkəzi Incəsənət Evindən təlimat ala bilərlər. Yerlərə də təlimat göndərilə bilər. Nə olursa-olsun bu və ya başqa bir yol ilə kəndlərdə səhnə işlərinin doğru bir yola salınmasına çalışmalıdır. * * * Mirzə Fətəli Axundzadə HAQQINDA Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir. Bəlli olduğu üzrə azəri ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi. Füzuli azəri ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğurmuş ədəbiyyatını çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtında təqdim etmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilir. O öz mövzularında bəzən böyük ədəbi keçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə etmiş, lakin bu yarışda onlardan geri qalmamış və hər halda “Leyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini geri buraxmış və hamısından yüksəyə qalxmışdır. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı. El ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik deyildi. Azəri ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəklərə doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişi ilə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı. Bu eniş qoca rəhbərin ardınca gedən sıra ədəbiyyatı bir seylab kimi yaxalayır və öz ağırlığı altında əzib öz eniş yolu ilə axıdırdı. Şairlər, ədiblər Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. Beləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə keçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şeirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar edirdi. Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi. Beləliklə, ədəbiyyat getdikcə həyatdan uzaqlaşır, ayağı həyat torpağından üzülür, bayağılaşır, düşkünləşir və çıxılmaz bir tilsim içərisində çırpınırdı. Birinci olaraq, bu cadulanmış gedişə qarşı çıxan, bu saxlanmaz axını toxdadan, bu çıxılmaz yoldan çıxan və bu qırılmaz qəzəl və qəsidə tilsimini qıran Mirzə Fətəli Axundzadə olmuşdur. Heç şübhəsizdir ki, azəri ədəbiyyatındakı bu ölgünlük Azərbaycandakı siyasi və ictimai ölgünlük və düşkünlük nəticəsi idi. Azərbaycanın ictimai və siyasi həyatı ölgünləşdikcə, ədəbiyyat da ölgünləşir və bütün mühiti bir Şərq ətaləti sarıyırdı. Bu etibarla Azərbaycanın sonrakı ölgün ədəbiyyatı nə qədər biçimsiz, maraqsız, məzmunsuz və bir təqlid ədəbiyyatı olsa da, hər halda yenə də öz ölgün və düşkün mühitinin güzgüsü ola bilər. Mühitin boşluğunu, çürüklüyünü, öz məzmunsuzluğu və boşluğu ilə də olsa, aldıra bilər. Çarizm Qafqazı aldıqdan sonra həyat da öz cığırından çıxmağa başladı. Birinci Pyotrdan və Yekaterinadan bəri Rusiyaya sirayət etmiş Qərb axını Rusiyanı özünə cəlb etmiş və rusların Qafqaza gəlməsi ilə istər-istəməz Qafqaza da keçməyə başlamışdı. Getdikcə ictimai həyat boyasını dəyişirdi. Həyat başqalaşır, mühit təbəqələşir, üsullar, qaydalar, məhkəmələr, ənənələr, bir sözlə, bütün keçmiş həyat normaları öz cığırından çıxırdı. Xanlar yoxsullaşıb əhəmiyyətdən düşür, yeniyetmə bəylər törəyir, İranın əsrlərdən bəri hökmranlıq sürən nüfuzu sarsılır, onların yerinə tam başqa bir nüfuz, başqa bir şərait qurulurdu. Bu sarsıntılıq, bu qatışıqlıq, el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında o qədər bir boşluq vücuda gətirmişdi. Bu vaxtadək ədəbiyyat təqlidlə yaşasa da, heç olmasa, həyat dəyişməmiş olduğundan təqlid mənbəyi də həyata az-çox uyuyur və təqlid edilmiş əsərlər bir növ ötüşüb gedirdi. Həyat əsaslı bir dəyişikliyə uğrayınca, ədəbiyyat büsbütün başını itirdi. Şairlər əski inersiyaları ilə gedir, yeni gedişə uymayır, yazdıqları da yeni gedişlə bir disenans vücuda gətirirdi. Yeni mühit, yeni təsir cəmiyyəti başqa əsaslar üzrə təbəqələşdirir, cəmiyyətdə yeni vəziyyətə yarayacaq təbəqələr, xırda burjuaziya təbəqələri, yeni bəylər təbəqəsi, yeni maarifçilər, islahatçılar, yeni məktəblər, yeni intelligensiya qrupları, dilmanclar, müəllimlər törənir və bunların nəticəsində yeni həyati faciələr, yeni simalar, yeni şəxsiyyətlər, yeni tiplər meydana çıxırdı. “Ədəbiyyat” isə köhnə sxolastik yolu ilə gedir və həyatdan büsbütün ayrılıb, özü üçün tam başqa dar və xüsusi bir aləm təşkil edirdi. Bu aralıq həyatda bir-ikilik törəmişdi. Cəmiyyətin bir qismi köhnə təsir altında qalmış, bir qismi isə yeni təsirə qapılmış və həyatı da o yolla aparmaq, bütün cəmiyyəti yeni təsir yolları ilə aparmaq, əlifbadan başlamış ictimai və siyasi quruluşa kimi hər şeydə bir islahat etmək istəyirdi. Mirzə Fətəli də bu ikinci qrupun nümayəndəsi idi. Zatən, cəmiyyət kimi ədəbiyyat da iki cığıra parçalanmışdı. Bunların birində köhnə qəzəllər, qəsidələr, mərsiyələr və bu kimi sxolastik ədəbiyyat son günlərini yaşayaraq, gedirdi. İkinci qrup isə bu köhnə cığırdan çıxmış idi. O bu köhnə ədəbiyyatdan artıq zövq almazdı. Bu ədəbiyyat onun ehtiyaclarını ödəmir, onun istəklərini, arzularını anlatmır, onun psixologiyasına uymurdu. O özü üçün tam başqa və öz ruhunun, diləklərinin, öz əmək və ideallarının tərcümanı olacaq bir ədəbiyyat, yeni və həyati bir ədəbiyyat yaratmalı idi. Bu ədəbiyyatı da Mirzə Fətəli yaratdı, ya da hər halda bu yeni ədəbiyyatın ilk təməl daşlarını qoymuş oldu. Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır və beləliklə köhnədən qalmış “sənət sənət üçündür”, “onu ancaq bir neçə ariflər və bilicilər anlarlar” gedişindən ayrılıb, “sənət həyat üçündür” prinsipini irəli sürürdü. O, ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm bir gedişlə həyatın bu və ya başqa nöqsanlarını göstərir, bu nöqsanların aradan qaldırılmasına çalışdığı yolları göstərdiyi kimi, ömründə tək-tək yazdığı şeirləri də, yenə onun əlifba və bu kimi fikirlərini həyata keçirmək üçün idi. Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq, yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də, hər halda, burada Mirzə Fətəli o qədər böyük bir məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır. O, yazdığı pyeslərdə zamanının komediya yazanlarından, tanınmış rus və Avropa ədiblərindən geri qalmadığı kimi, şeirlərində Firdovsiyanə bir məharət göstərmişdir. Bəlli olduğu üzrə Mirzə Fətəlinin mühiti köhnə feodalizmin dağıldığı, yeni ticarət burjuaziyasının törətdiyi əski Şərq ənənəsinin pozulduğu, yeni Qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqa və yeni bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir. Həm də bunların kefi bir əmrlə demir: köhnə yaşayışın bütün nöqsanlarını, yaramazlığını, yeni gedişin isə bütün faydalarını irəli sürür, anladır, qandırırdı. Hər şeydən əvvəl Mirzə Fətəlini köhnə Şərq dövlət idarəsi üsulunun tənqidçisi, monarxizmin, İran istibdad və dərəbək üsulunun amansız bir düşməni kimi görürük. O, “Vəziri-xani-Sərabi” və “Aldanmış kəvakib” adlı əsərlərində İran və onun sifətində bütün Şərqin əski feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə endirir ki, bu mənəvi zərbə Səd ibn-Vəqqasın qılıncından heç də gücsüz deyildir. O, bütün şahların və onların Vəzirlərinin nə qədər bir sərsəm, şüursuz, yaramaz adamlar olduğunu, xüsusilə, Vəzirlərin ancaq öz ciblərini doldurmaq üçün yaşadıqlarını, öz şüursuzluqlarını bir məharət sanıb fəxr etdiklərini heyrət ediləcək bir açıqlıqla ortaya çıxarır. Bunu Şah Abbasın hərbiyyə Vəziri öz nitqi ilə və İranın bütün yollarını dağıtdırıb, “əmniyyət” adına Iranı yolsuz buraxmasına fəxr etməsi ilə ortaya çıxarır. Eynilə “V ə z iri-xani-Sərabi”də xanın divan və məhkəməsi göstərilir. Verilən qərarların nə qədər yaramaz, nə qədər çürük olduğu, bütün üsulun nə qədər yaramaz olduğunu açıq-açığına araya çıxarır. O: “Kəndli sənin atının ayağını şikəst etmişdir. Sən də get onun atının ayağını sındır”. “Həkim pulları alıb, altı aydan sonra ölə biləcək xəstəni bu gün öldürən və guya “əzabdan qurtaran” həkimə bir də ölü yeyəsi mükafat verməlidir”. Budur, xanın bütün mükahiməsi! Bu sərsəm və ağılsız, şüursuz adamlar, gülünc bir məxluq kimi ortaya çıxarılan V ə z irlər, xanlar, şahlar həqiqətdə isə milyonlarla xalqın həyat və müqəddəratını əllərində saxlamışlardı. Budur, Mirzə Fətəlinin ortaya çıxardığı acınacaq həqiqət bundan ibarətdir. Buradaca Mirzə Fətəli Yusif şahın müvəqqəti hökmranlığında hakimin boynunda nə kimi vəzifələr olduğunu, xalqın nələrə ehtiyacı olduğunu göstərir. Mirzə Fətəli ruhanilərin və onların həyata soxduqları cadu və tilsim əsaslarının amansız düşmənidir. Burası hər şeydən artıq yenə də “Aldanmış kəvakib” və xüsusilə, onun “Molla İbrahim Xəlil kimyagər”, “Müsyö Jordan və Dərviş Məstəlişah” adlı əsərlərində görünə bilər. “Molla Ibrahim Xəlil kimyagər”də bütün ruhanilərin nə qədər satqın adamlar olduğunu və xalqı aldadan bir fırıldaqçıya pul ilə qulluq edib, onun, xalqı aldatmasına yardım göstərmələrini və “Dərviş Məstəlişah” da İrandan keçmiş bir çayçı şagirdinin Azərbaycanda bir alim və bir həyat hakimi kəsildiyini və biliksiz xalqı aldadıb ciblərini dolduraraq, qaçdığını açıq göstərir. Burada “Molla İbrahim Xəlil kimyagərin” Mirzə Cəlil Məmmədquluzadəyə təsirsiz qalmadığı və “Ölülər” pyesi “Kimyagər”dən təsirsiz olmadığı qeyd edilməlidir. Mirzə Fətəli qadın azadlığı mübarizidir. O, qadınların qəlbinin satılması əleyhinə, onların eşqi, məhəbbəti, mənliyinin satılmasına, zorla varlı ərlərə verilməsinə qarşı üsyan edir. Burası hər şeydən artıq “Xırs quldurbasan” adlı əsərində qeyd edilmişdir. Mirzə Fətəli feodalizmin böyük düşmənidir. “Pristav mənə deyir əkin ək; bəy oğlu da əkin əkər, ya əməklə məşğul olurmu? Guya mən sadə bir kəndliyəm ki, əkin əkim, ya da cütə gedim”. Xüsusilə, “Hacı Qara”da Mirzə Fətəli feodalizmin dağıldığını və yeni ticarət burjuaziyasının nə qədər bir hərisliklə həyata can atdığını təsvir edir. Mirzə Fətəli öz şerində yeni əlifbadan bəhs ilə onun həyata keçirilməsi üçün hakim şəxsiyyətlərə təsir etməyə çalışır. Mirzə Fətəli bir rəssamdır. O öz əsərlərində bütün həyat və mühiti doğruluqla tutur, ən mahir bir rəssamın məharəti ilə təsvir edir. * * * Səmimi sənətkara alqış! “Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir. ...Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır. ...Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir. Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır. Lakin o, yalnız sənətkar olmaqla qalmayır. O, eyni zamanda bir təşkilatçı, bir mübarizəçidir. O, səhnənin künclərdə, bucaqlarda sürüklənən ayrıayrı qüvvələrini min yerdən toplamış, bir yerə quraşdırmış, bu dağınıq, sökük parçalardan güclü, mədəni bir maşın yaratmışdır. Abbas Mirzənin bu gözəllik və sənət yavrusuna uzatdığı iki əldən biri yüksək, qüvvətli bir sənətkar, birisi isə qorxmaz bir mübarizəçi, yorulmaz bir təşkilatçı əlidir. Bu uzun mübarizə yollarında Abbas Mirzə Şərifzadə nə qədər əzablar, faciələr, ağırlıqlar keçirmişdir! Yoxu var etmək, yoxdan bir səhnə yaratmaq! Abbas Mirzənin getdiyi yol belə olmuşdur. Səhnəmizin bu mübarizə yolu xalqımızın ümumi mübarizə cəbhəsinin bir qazmasıdır. Bu qazmada başçı və komandan Abbas Mirzə Şərifzadə olmuşdur. Bu cəbhə başında uyumadan vuruşmuş, çarpışmış və iyirmiillik bu şanlı mübarizə yolunu qəhrəmanlara layiq bir şərəflə keçmişdir. Lakin Abbas Mirzə bu yolda tək deyildir. İndi onun ardınca böyük bir sənət ordusu, onun köməyində böyük bir əməkçi xalq durmuşdur. Bu gəncin yürüşünə toxunmaq üçün uzadılacaq qara bir ələ minlərlə əməkçilərin birləşmiş ağır yumruğu cavab verə bilir. Bu gənc Azərbaycan dram teatrı səhnəsidir. İndi onun oynaqlığına yalnız Abbas Mirzə deyil, bütün xalqımız sevinir, ona görə də Abbas Mirzənin bugünkü iyirmiillik şanlı mübarizə və qələbə bayramı yalnız onun deyil, bütün Azərbaycan səhnəsinin bayramıdır. Yol hələ bitməmişdir və çətini irəlidədir. Abbas Mirzə Şərifzadə də vəzifə başındadır. Səmimi, sevimli sənətkarımıza alqışlar! * * * Sidqi Ruhulla (20 illik yubileyi) Türk bədii teatrı özünün ən yaxşı artistlərindən biri – Sidqi Ruhullanın 20 illik yubileyinə ciddi hazırlaşır. Sidqi Ruhulla 1890-cı ildə Buzovna kəndində dini məktəb müəllimi ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini öz atasının məktəbində alırsa da, bütün çubuq və kötək əzablarına baxmayaraq, ondan molla alınmadı. Şəhərdə təsadüfən gəldiyi teatra o bütün məhəbbəti ilə vurulur və ilk tamaşadan sonra səhnə onun həyat idealına çevrilir. O, ilk dəfə 1908-ci ildə satıcıların dərnəyində “Adı var, özü yox” pyesində kiçicik qız – Telli rolunda çıxış etmişdi. Bundan sonra həmin dərnəkdə rejissorluq edən mərhum Ərəblinski o vaxt ondakı böyük qabiliyyəti görərək, “Müsibəti-Fəxrəddin” pyesində baş rollardan birini ona tapşırır. Bu ondan etibarən Sidqi özünün bütün həyatını səhnə ilə bağlayır, sevinci də, kədəri də onunla bir olur. Bir tərəfdən Türk teatrının inkişafını gözü götürməyən çar hökumətinin əsarətinə, digər tərəfdən onun sənətini ailə üçün ləyaqətsizlik, biabırçılıq hesab edən öz dindar qohumlarının təqibinə məruz qalan Sidqi öz şəxsi əmlakını satır, günlərlə ac, sığınacaqsız qalır, bütün qohumları tərəfindən rədd edilərək vağzal və meydanlarda gecələyir. Bütün bu məhrumiyyətlər onun qərarını zəiflədə bilmir, inadla mübarizə apararaq o öz səhnə fəaliyyətində sadə Telli rolundan Yaqo (“Otello”), Frans (“Qaçaqlar”) və bu kimi nəhəng rolların ifaçısı səviyyəsinə qalxmışdır. Onun böyük xidmətlərindən biri o hesab edilməlidir ki, çarizm zorakılığının ən ağır günlərində Azərbaycanın şəhərlərini və hətta kəndlərini gəzir, onların qaranlıq həyatına teatr işığı aparırdı. O, 1913-14-cü illərdə çirkli, atılmış xalçadan pərdə düzəldərək, Zağam kəndində tamaşa göstərirdi – demək asandır. Azərbaycan hüdudu ilə kifayətlənməyib, o, Gürcüstanı, Dağıstanı, Türkmənistanı, Özbəkistanı, Tatarıstanı, Iranı və i.a. gəzərək hər yerdə dərnəklər təşkil etmiş, onlardan bəziləri indi də qalır və tamaşalar təşkil edirlər. Bütün bu 20 ildə Sidqi vəziyyətlə əlaqədar gah aktyor, gah da teatr və dərnək təşkilatçısı işləmişdir. Heç bir şübhə yoxdur ki, Azərbaycanda öz həyatının 20 ilini teatrın tərəqqisi işi uğrunda mübarizəyə həsr edən, fəhlələr, kəndlilər arasında və ən ucqar guşələrdə işləmiş öz aktyorunun əməyini qeyd etməyi bacaracaqdır. Zəhmətkeşlər öz dostlarını qiymətləndirməyi bacarırlar. * * * Teatroların repertuar məsələsi Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir. Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır. Bədii-siyasi şura bu cəhəti nəzərdə tutmalı və diqqətinin çox hissəsini orijinal pyeslərə verməlidir. Fəqət xəstə bir məsələ vardır ki orijinal pyeslərə hər nə qədər diqqət və əhəmiyyət verirsən ver, original pyeslər o qədər azdır ki, onlar ilə birillik repertuarın yarısını belə doldurmaq olmur. Bu xəstə cəhətin qabağını almaq və orijinal pyeslərin sayını artırmaq üçün Moskva teatrolarından bəzilərində pək dəyərli təcrübə yapılır. Oradakı gənc dramaturqlar və dram əsəri yazmağa həvəsi olanlar teatroların ətrafına cəlb olunur və burada dramaturqluq cəhətcə daha artıq təcrübəsi olan yoldaşlarının göstərişilə çalışaraq pyeslər yaradırlar. Bu təcrübə pək dəyərlidir və onu mütləq Türk Akademik və İşçi teatrolarında dəxi yapmalıdır. İkinci məsələ tərcümə əsərləri məsələsidir. Bu əsərlərin seçilməsi çox ehtiyatlı olmalı və yeni repertuara xüsusi diqqət verilməlidir. Artıq getdikcə simasını dəyişərək həqiqi bir sol yol tutan teatroların götürdükləri xətti-hərəkətə uyğun repertuarları olmalıdır. Əvvəlcə Türk Akademik teatrosu repertuarı haqqında! Bizcə bu teatro gələcək ildən etibarən repertuar cəhətcə bir qədər cəsarətli olmalı və yalnız köhnə klassiklərlə kifayətlənməyərək müasir əsərləri dəxi repertuara daxil etməlidir. Misal üçün, “Lyubov Yarovaya”, “Şaxtyor”, “Qorod vetrov” pyeslərini göstərmək olar. Bu pyeslərin tamaşaçılar tərəfindən qəbul edilməyəcəyindən qorxmamalı və tamaşaçıları köhnə klassiklərin “Şıltaq qız”larından daha çox bir vətənpərvər pyeslər ilə tanış etməlidir. Bunun teatrodakı “akademikliyə” heç bir zərəri yoxdur, zira yüzillik tarixi olan Moskva Malıy teatrosu belə bir addımdan geri durmamış və indi “Kreçinskinin toyu”ndan daha çox vətənpərvər əsərlər oynayır. Türk Işçi teatrosunun vəziyyəti isə tamamilə başqadır. Bu teatro müasir inqilabi əsərlərin hamısını oynayır, fəqət orijinal əsərlər cəhətcə Akademik teatrosundan daha çox axsayır. Bunun isə səbəbləri aydındır. Teatronun maddi vəziyyəti ağır olduğundan orijinal əsər yazanları lazımi qədər təmin edə bilmir. Fəqət hər iki teatro arasında pək əsassız bir prinsip vardır. Məsələn, madam ki, “Aydın” və yaxud “Sevil” pyesləri Akademik teatrosunda oynanır, Türk Işçi teatrosu bu pyeslərdən dərhal gözünü çəkir. Halbuki Türk Işçi teatrosu tamaşaların çoxunu işçi dairələrində verdiyindən və Akademik teatrosu işçi dairələrinə qətiyyən getmədiyindən, Akademik teatrosunun orijinal əsərləri Türk İşçi teatrosu tərəfindən işçi dairələrində göstərilə bilər və göstərilməlidir. Zira bu pyeslər işçilər üçün “Notrdam kilsəsi” və “Hücum” pyeslərindən daha yaxın, daha faydalıdır. Bədii-siyasi şura bu cəhətlərə xüsusi diqqət verməlidir. * * * Türk teatrı olimpiadada Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu. Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi. Türk teatrı görkəmli ixtisasa malik aktyor yaradaraq, mündəricə etibarı ilə hazırkı tələblərə uyğun inqilabi türk dramaturgiyası yetişdirmiş ki, bu dramaturgiyanın ayrı-ayrı böyük səhv və nöqsanları olsa belə, hər halda, milli dramaturgiyalar sırasında birinci yerlərdən tuta bilər. Bu fikir bütün tamaşaçı, mətbuat və sairənin fikri olaraq olimpiadadakı jürinin mülahizəsində belə aydın göründü. Olimpiada nəticələri çox görkəmli və eyni halda gözlənilməyən oldu. Hər tamaşa haqqında geniş mübahisə açılır, teatrın bütün fəaliyyəti, bədii, ideoloji əhəmiyyəti, maddi imkanları müzakirə olunur, müvəffəqiyyət və nöqsanları meydana çıxarılırdı. Cabbarlının məruzəsi üzrə Türk Bədaye Teatrı fəaliyyəti haqqında mübahisələr aparıldı. Bundan sonra Dövlət Bədii Akademiyasında A.A.Tuqanov məruzədə bulundu. İstər bu mübahisələr, istərsə də jüri iclaslarında müvəffəqiyyətlərlə bərabər nöqsanlar dəxi göstərildi. Əsas müvəffəqiyyət: İxtisaslı aktyor kollektivi və Müasir inqilabi milli dramaturgiya olduğu hesab edildi. Əsas nöqsan olaraq üç məsələ irəli sürüldü və mübahisələrin çox hissəsi bu xüsusda oldu: Kadr məsələsində göstərildi ki, tamaşaya xidmət edənlər, musiqiçilər, rəssamlar və sairə kadrları lazımi surətlə hazırlanmamışdır. Bədii yaradıcılıq üsulları məsələsi haqqında göstərildi ki, teatr, tarixini keçirmiş Moskva Bədaye Teatrı yaradıcılıq üsulu üzrə gedir. Teatr hələlik naturalizm tör-töküntüsündən tamamilə azad olmamışdır. İstər tərtibat, istərsə də quruluşların sinfi mahiyyəti tamamilə aydın deyildir. Milli forma haqqında. Əgər Rustaveli adına teatrın milli forması haqqında bəzi əyintilərə yol verilərək, milli formanın incəsənəti kütlələrə yaxınlaşdırmaq və Gürcüstan əməkçiləri yaradıcılığını meydana çıxarmaq üçün bir vasitə deyil, bir məqsəd kimi istifadə olunduğu və bunun nəticəsində milli forma və yaxud daha doğrusu, milli incəsənətin millətçilik incəsənəti təmayülü göstərdiyi qeyd edildi və özbək teatrında ibtidai etnoqrafiyadan ibarət olduğu göstərildi, Azərbaycan Türk Bədaye Teatrında milli forma məsələsinə lazımi qədər fikir verilmədiyi qeyd olundu. Bu isə incəsənəti Azərbaycanın əsas işçi-kəndli kütlələrindən bir qədər ayrı salmış olur. Milli forma necə müəyyən edilməli, haradan alınmalıdır? Milli forma elə hazırlanmış və müəyyən bir şey deyildir ki, onu arzu etdikdə götürüb papaq kimi də qoymaq olsun. Milli forma papaq, don, çərkəzi paltar, xəncər və yaxud ilməli köynəklərdən ibarət olaraq qala bilməz. Onu axtarmaq və tapmaq lazımdır. Fəqət bu iş bir məqsəd deyil, bir vasitə olmalıdır. Milli formanı haradan axtarmaq olar? Onun əlamətləri istər paltarlar, istər yeriş, istər ümumi ahəng, istər hərəkətlərlə danışmaq qaydası, boyalar, nağıllar və həyatın bütün sahələrində görünərək sinfi xətt hərəkətcə təbəqələşmişdir. Burada yenə bütün iş kadr məsələsindən ibarət olur, zira yalnız yaşayışın bütün incəlikləri ilə tanış və dialektik üsul ilə silahlanmış bir rəssam bu ağır vəzifəni yerinə yetirə bilər. Fəqət bəzi yoldaşlar bu məsələni belə bir tərzdə qoymadılar. Milli forma inkişaf etdirməlidir və bu iş teatrın ən mühüm vəzifələrindəndir. Təşkilat və texniki tədbirlərdəki nöqsanlar müvəffəqiyyətlərimizi tamamilə göstərməyə yol vermədi və nəticələrə də az təsir bağışlamış oldu. Teatr olimpiadaya gedirkən lazımi qədər hazırlıq işi aparmamışdır. Əlbəttə, olimpiadanı bir yarış hesab etmək doğru olmaz. Hər olimpiada əsas etibarı ilə müvəffəqiyyətlər yoxlanışıdır. Burada xüsusi olaraq hazırlanan tamaşaları vermək, bütün onillik fəaliyyəti göstərmək lazım idi. Fəqət bunların hamısı heç olmazsa sınıq-sökük dekorların təmirinə mane ola bilməzdi. Başqa teatrlar olimpiadaya nəinki bütün heyətləri, hətta əlavə qüvvələrlə gəlmişlərdi. Gürcülər, özzbəklər və sairə özləri ilə böyük yardım heyəti, musiqi ansamblı, oxuyanlar, milli xor və sairə gətirmişdilər. Özbəklərin dram və opera teatrı da iştirak edirdi. Türk Bədaye Teatrı isə nəinki özü ilə yardım heyəti aparmamış, hətta aktyorlarının belə bir hissəsini siyahı xaricində buraxmışdı. Biz opera teatrını aparmamışdıq. Halbuki türk teatrı istər səhnə, istər musiqi heyəti, istərsə, ümumi cəhətcə böyük maraqla qarşılanan teatrların bir çoxundan geridə deyil, biləks irəlidədir. Teatrın oxuyanlar, musiqi ansamblı və Xoru yox idi. Olimpiada təşkilində belə bəzi nöqsanlar və bir qədər tələsmə hiss olunurdu. Burada mətbuat bürosu təşkil edildi, fəqət sonra buraxıldı. Milli teatrlar isə bu büroya ümid bağlayaraq özləri məlumat vermədilər. Bunun nəticəsində bəzi teatrların fəaliyyəti lazımınca aydınlaşdırılmadı. * * * Türk Bədaye Teatrı yeni yol ilə Türk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır. Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir. Birinci növbədə teatrın bədii rəhbərliyi işində böyük bir dəyişiklik əmələ gətirilmişdir. Teatr naturalizmi, dərinləşmiş psixologizm qalıqlarını tamamilə aradan qaldırmağı və dialektik materializmin möhkəm qanunlarına əsaslanan sağlam proletar realizminə keçməyi qərara almışdır. Bunun nəticəsində canlı insan məsələsi, sinif nöqteyi-nəzərincə düşünülmüş insan görüşündə qəti surətdə həll edilmiş və teatr işçikəndli kütləsinin iradə və şüurunun təbliğatçı və təşkilatçısı yoluna girmiş olur. Bu il teatr türklərdən gənc rejissorları işə çəkmiş və bunlara müstəqil pyes quruluşları tapşırmışdır. Teatrda daimi işdə çalışmaq üçün 40 nəfər cəlb edilmişdir. Bunların çoxu istehsalatdan gələn gənclərdir. Bunlar teatr yanında düzələn kurslarda tərbiyə alacaq və mümkün olduqca aktyorluğa irəli çəkiləcəkdir. Beləliklə teatr müntəzəm surətdə işçiləşdiriləcəkdir. Teatrda daimi çalışmaq üçün bir gənc türk kompozitoru işə çəkilmişdir. Teatrın hərlənən səhnəsi maşınlaşdırılmış və təkmilləşdirilmişdir. Xüsusən, repertuar siyasəti sahəsində qəti işlər görülmüşdür. Teatr ideoloji (məfkurə) cəhətinin sağlam olmasına ciddi fikir veriləcəkdir. Teatrda qoyulan pyeslər dəyişdiriləcək, düzələcək, teatr məfkurə və bədii cəhətcə əlverişli repertuarla təmin olunmaq üçün dramaturqlar arasında müntəzəm iş aparılacaqdır. Teatr öz ətrafında gənc dramaturqları birləşdirmək ilə məşğul olacaq və onlara teatr ilə tanış olmaq və təlim almaq imkanı verəcəkdir. Mövzu məsələsinə gəldikdə, teatr etibarı ilə Azərbaycan işçi və kəndlilərinin sənayeləşdirmə və kollektivləşdirmə cəbhəsində, dinə, çadraya və əsgi feodal yaşayış qalıqlarına qarşı mübarizə cəbhəsində və yeni, sağlam, mədəni yaşayış uğrunda apardığı mübarizəni əks etdirəcəkdir. Bununla əlaqədar olaraq yeni pyeslər təyin və sifariş edilmişlər. (“Qara su” pyesi işçilərin neft cəbhəsində apardığı mübarizəni təsvir edir; bir də kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizəni təsvir edən pyes sifariş edilmişdir.) Teatr, bütün işlərini dəzgah işçilərindən ibarət olan teatrın bədiisiyasi şurası ilə bağlı bir surətdə aparır. Beləliklə teatr, işçi tamaşaçısının tələblərini hər bir zaman nəzərdə tuta biləcək və işçilər teatrı hər bir zaman kontrol etməyə imkan tapacaqdır. Bu yol ilə şura, işçi sinfinin iradəsinə görə teatrın işlərinə istiqamət verə biləcəkdir. Gələcəkdə teatr qarşısında böyük vəzifələr durur. Repertuar məsələsini qəti surətdə qaydaya salmaq və orijinal əsərləri artırmağa çalışmaq lazımdır. Aktyor heyətini yenidən hazırlaşdırmaq və onları siyasi və bədii cəhətcə irəlilətmək lazımdır. Teatr sənətinin bütün hissələri üçün yeni kadrlar hazırlamaq, yeni işlərdə mühüm yer tutmalıdır. Türk qadınlarının səhnəyə çəkilməsi uğrunda ciddi işlər görülməlidir. Hələ bu vaxta qədər teatra lazımi qədər türk qadını çəkilməmişdir. Səhnədə oynamağın alçaq iş olduğunu düşünənlər hələ az deyildir. Bu köhnə fikir hələ başdan çıxmamışdır. Odur ki, türk qadınını səhnəyə çəkmək işi kütləvisiyasi kampaniya halına çevrilməlidir. Əməkçi türk qadınları şura türk teatrına kömək etməli və onun inkişafında mühüm bir amil olmalıdır. İşçi tamaşaçılar ilə əlaqə məsələsi də yoluna qoyulmalıdır. Teatrın qarşısında çox böyük vəzifələr durmuşdur. Bunları bir ildə həll etmək mümkün deyildir. Lakin əhəmiyyətli cəhət orasındadır ki, teatr öz nöqsanlarını görərək, onları aradan qaldırmağa və doğru yol götürməyə başlamışdır. Odur ki, yeni mövsümün bu yolda böyük əhəmiyyəti vardır. * * * Q.Edelmanın konsertləri haqqında Demək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun. Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu. Xoşbəxtlikdən pianoçu Edelman bu xasiyyətlərə tam uyğun gəlmir, lakin yaradıcılığının bəzi məqamlarında “ideal” səviyyə ilə bərabərləşməsi bədbin meyldə özünü göstərir. Edelman müstəsna texnikaya, heyrətamiz hərtərəfliliyə və son dərəcə yüksək ustalığa malikdir. Bununla yanaşı, o bir məqsəd kimi texniki tərəfə çox qapılır və bunun nəticəsində səsin tembr əlvanlığı sozalır, səsin müəyyən ahəngdarlığı yeknəsəqləşir. Hər halda heç kəs üçün sirr deyil ki, yeknəsəq səslər royalın külli miqdarda olan tembr imkanlarını özündə itirir. Bax musiqisinin dinləyicilərə çatdırılmasında, pianoçunun özünəməxsusluğu, orqan səslənməsinin tembr bəsitliyində, fortopianino səslərinin yeknəsəqliyində özünü xüsusilə qabarıq göstərirdi. Yeri gəlmişkən proqram haqqında. Məgər dahi Baxın ecazkar musiqisini Buzoni və Qodovskininki ilə qarışdırmağa ehtiyac varmı? Axı, hədsiz uzunçuluq və akrobatik çətinliklər ilə ağırlaşmış pyeslər məlahətini itirirlər... Edelman çox gözəl ritmə malikdir! Bu yaxşıdır. Olmaz axı Şopenin “Polonez”i hərəkətin müxtəlifliyi imkanını tamamilə inkar edən və bununla birlikdə bu pyes – poemanın ümumi mənzərəsini pozan hər hansı mexaniki ritmilik əsasında qurulsun. Edelmanın piano ustalığının bu cizgisi “sadəlik” və “cəsarətlilik” adlanır. Bizcə, isə musiqidə bu sadələşdiricilik, yuxarıda dediyimiz kimi, formanın məzmundan qoparılması deməkdir. Edelman özünü Bethovenin əsərlərilə bizə təqdim edə bilmədi. Halbuki yabançı bər-bəzəkdən uzaq olan bəstəkar musiqisində dərin ifadə tərzini, temperamenti əsl musiqi mədəniyyətini göstərmək olardı. Məgər bu vaxtadək bizə Ramo-Qordovski və Bax-Buzoni məhz estrada konsertlərindənmi təqdim edilməliydi? Bizim zəmanəmiz estetizmə və əyləncəyə qapılmayan, ucuz, yalançı effektlərə yol verməyən incəsənət tələb edir. Bizə elə musiqi lazımdır ki, orada coşqun hisslər formal məqamlarda pərdələnməsin, birbaşa bizim şüurumuza təsir etsin. Edelman – fikrin dar mənasında çox yaxşı virtuozdur. Onun ifasında forma məzmunu üstələyir. O, artistdən musiqi əvəzinə artillerik atışma tələb edən eybəcər estrada ənənələrindən uzaqlaşmalıdır. Tembr ahəngdarlığı və əsasən ifa etdiyinin mahiyyətini dərinləşdirmək üzrə iş cavan, hələ yetişməmiş artisti böyük səs ustalığına çevirə bilər. * * * “Gülən adam”ın əhəmiyyəti Türk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir. İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır. Türk aktyorunun səhnə və bədaye mədəniyyətini yüksəltmək üçün teatr tərəfindən aparılan işlər sistemində də bu quruluşun böyük əhəmiyyəti vardır. Bundan başqa mövzunun vaxtımızın istəklərinə yaxın və uyğun olması üçün tamaşaçılarda müəyyən maraq oyatmalı idi. Pyesin müvəffəqiyyətlə keçməsi bədaye şuranın fikrini doğruldub pyesi teatronun repertuarında möhkəmlətmiş oldu. * * * Türk Bədaye Teatrosunda “Hacı Qara” Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir. Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor. Buna görədir ki, bu pyes yarım əsrdən bəri türk səhnəsində davam edib durmaqdadır. Bundan başqa bu pyes Azərbaycan türk teatrosunun nə şəkildə başlanmasının göstərilməyi üçün oyunun tarixi əhəmiyyəti vardır. Türk Bədaye teatrosunun bu pyesi öz repertuarında saxlayıb qastrol proqramına salması bundan irəli gəlir. Quruluşçu, Türk Bədaye teatrosu rejissorluğunun gənc əməkdaşı Əkbər Şəfi, dekor, paltar və qrim gənc rəssam Mustafayevindir. * * * Qızıl Tatarıstan mövzusunda məruzə Yoldaşlar, Qızıl Tatarıstanın işçi və əməkçilərinə, hazırda burada qonaq olan Özbəkistan teatrosunun əməkdaşlarına, Azərbaycan işçi və əməkçilərindən və onları təmsil edən Türk Bədaye teatrosu əməkdaşlarından atəşin salamlar. Yoldaşlar, bizim, Bakıdan çıxarkən marşrutumuza Edil boyunu və ayrılıqda Qızıl Tatarıstanın mərkəzi olan Kazan şəhərini salmağımız təsadüfi bir şey deyildir. Bu gəlişdən bizim başlıca məqsədimiz keçmişi bir, tarixi bir, dili bir olan, rus çarizminin pəncəsində bizimlə birgə əzilən, müsəlmanlığın sərt və reaksion şərtlərinin ağırlığını bizimlə birgə çəkən və nəhayət, gələcək mübarizə və mədəni yüksəliş yollarında bizimlə bir olan qardaş Tatarıstan xalqının əməkçiləri ilə görüşmək, Azərbaycanda yeni incəsənət və mədəni yüksəliş üçün açılan imkanlardan istifadə, 10 ildən bəri əldə etdiyimiz müvəffəqiyyətlər ilə tatar qardaşlarımızı tanışdırmaq və onların da bu vaxt içində mədəni cəbhədə çaldıqları qələbələri görmək və bu yol ilə arada sıxı mədəni rabitə düzəltmək və mövcud rabitəni genişləndirmək, dərinlətmək və möhkəmlətməkdir. Bu gün Qızıl Tatarıstanın mərkəzində qardaş Özbəkistan teatrosunun əməkdaşları ilə görüşümüz bizi daha artıq sevindirir. Bu gün Qızıl Tatarıstanın mərkəzində yenə üç teatronun görüşməsi tarixin, mədəni dirçəliş tarixinin sükut ilə keçə biləcəyi şey deyildir. Bu görüş ilk gündən etibarən Şərqin mədəniyyət tarixinə keçəcək və orada yeni bir səhifə açacaqdır. Bu görüşlər bu yaxınlarda olacaq Şura milli teatroları olimpiadasının bir müqəddiməsidir. Bu görüşdə biz bir-biri ilə yaxından-yaxına tanışmalı, gördüyümüz işlərə yekun vurmalı və milli teatromuzun yollarını təyin etməliyiz. * * * Hara gedir Azərkino Azərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o, azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin” üzərində qurur. Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər. Axı, heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz. Buna görə də, tam əlillik və ya kino sənətində səriştəsizlik üzündən bekar qalmış işçilər dəvət olunurlar. Öz sənətlərini bilməməkdən əlavə, bu işçilər, ümumiyyətlə tanımadıqları mühitə düşdüklərinə görə daha da çaşbaş qalırlar, qısa bir müddətdə içərisində işləməli olacaqları xalqın həyatı, şəraiti ilə uyğunlaşa bilmirlər və nəticə həmişə faciəli olur. Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və Azərkino həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı, burada Azərkinonun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu. Azərdövlət kinonun öz işini istinasız olaraq Azərbaycana kənardan gəlmiş, hazır kadrlarla aparmaq metodu, biabırçı bir tərzdə iflasa uğramışdı və son zamanlar ağırlıq mərkəzinin yerli işçilərdən irəli sürülən qüvvələr üzərinə keçirilməsi üçün cəhdlər göstərilirdi. Lakin onun varisi olan Azərkino bu yeni (və şübhəsiz ki, daha doğru) yolu ləğv etməyi lazım bildi və nəinki yerli işçiləri cəlb etdi, əksinə, onsuz da sayca çox az olan türklərin əksəriyyətini ixtisara saldı (halhazırda Azərkinonun 125 işçisindən yalnız 15-i türkdür, onların da əksəriyyəti dülgərdir, kuryerdir və s.). “Birinci komsomolçu” filmi üzrə Azərkinonun təşkil etdiyi çəkiliş qrupu yerli qüvvələrə etinasızlıq baxımından bütün rekordları vurub keçdi. Rejissor Moskvadandır. Özü də necə. Heç vaxt, heç yerdə heç nə çəkməyib. Demək olar ki, elə bütün qalanları kimi o da Azərbaycanda ilk sınaqdan keçir. Azərkinonun rəhbərlərinə sual verəndə ki, nə üçün Siz, heç olmasa, təcrübəli, sınanmış işçiləri dəvət etmirsiniz, onlar heç sözlərinin fərqinə varmadan bildirirlər: – Gəlmirlər, yoldaş! Bir rejissor da bizə gəlmək istəmir, hamı iş başındadır. Işçilər sarıdan böhrandır. Həm də heç bir fabrika, heç nəyin xatirinə öz rejissorunu əldən buraxmır və Medvedyevi də yalnız ona görə dəvət etmək mümkün oldu ki, o, işsiz idi. Qəribədir, işçilərin çatışmadığı bir şəraitdə birdən-birə işsiz adam. Və heç bir yerdə, heç bir vaxt rejissor kimi bir film də çəkməmiş bu işçini dəvət edib, ona 100 min manatlıq iş tapşırırlar. Əslinə qalsa o, hətta rejissor deyil, rejissorlardan biri təyin olunmuşdu, baş rejissor vəzifəsi isə Frolova həvalə edilmişdi. Ümumiyyətlə, qəribə işdir. Frolov – operatordur, heç bir vaxt rejissor işi ilə məşğul olmayıb və bu barədə fikirləşmək də istəməyib. Lakin gözəl günlərin birində onu (özünün söylədiyi kimi) Azərkinonun direktorlarından biri yanına çağırıb deyir: – İvan Sergeyeviç, Siz altı aydır ki, bizdə işsiz gəzirsiniz, rejissor isə yoxdur, fabrikin tamamilə dayanması da yaxşı düşməz. Rejissorluğu qəbul edin və bir təhər işə başlayın. – Axı mən rejissor olmamışam, özü də ümumiyyətlə, həm operator, həm də rejissor işini bir yerdə apara bilmərəm. – Eybi yox, eybi yox, Ivan Sergeyeviç. Siz elə gözdən pərdə asmaq üçün özünüzü göstərin, sonra bir adam taparıq. Və Medvedyevi tapdılar. Onun haqqında isə biz artıq danışmışıq. Fabrika işləyirmiş kimi görünməlidir, kim işləyir və necə işləyir isə heç də əsas məsələ deyil, onsuz da nəticəsi hələ bir ildən sonar məlum olacaq. O vaxt isə yenə də bir şey fikirləşib taparıq. Və zavallı Ivan Sergeyeviç istər-istəməz işə başlamalı oldu. Ssenari üzərində əvvəlcə üç nəfərlik bir qrup, sonra iki nəfərlik başqa qrup işləyirdi və nəhayət, köhnə ənənəyə görə ssenariçi Vinoqradskaya dəvət olunmuşdu. Ssenari üzərində belə əsaslı surətdə iş apardıqdan sonra “Birinci komsomolsu” filminin çəkilişinə başladılar. Üç ay yarım müddətində filmin 90 faizini çəkdilər və birdən dayandılar. Necə deyərlər, lövbər saldılar. Nə olub? Sən demə, ssenari üzərində üç qrup və hətta məşhur ssenariçi işlədiyinə baxmayaraq, onda bəzi yanlışlıqlar aşkar olunub. Birincisi, bu üç qrupun heç birində bir nəfər də türkün olmaması belə bir nəticəyə gətirib çıxartdı ki, ssenarini təsadüfənmi, ya qəsdənmi oxuyan elə ilk türk, dəqiq desək, Əli Məmmədov türk qadınını ssenaridə nəzərdə tutulan şəkildə çəkməyi “qadağan etdi”. Filmin quruluşçuları beləcə də bildirdilər. Bu birinci dəfə deyil. Bu eyni bir prinsipial səhvin bəlkə artıq onlarla dəfə təkrarıdır. Məsələ burasındadır ki, Azərkino yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və ya qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə ilk türk buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyat yazmışdılar ki, sonra heç cürə vəziyyətdən çıxa bilmirdilər. O vaxt məsələ, gərək ki, yoldaş R. Axundovun müdaxiləsi ilə həll olundu. Elə həmin səhv, eynilə “Birinci komsomolçu” filmində də təkrar olundu. Bundan başqa, ümumiyyətlə, filmin ideoloji baxımdan heç bir tələbə cavab vermədiyi məlum oldu. İşi bir aydan artıq müddətə dayandırmaq lazım gəldi. On-on beş adam dövlətli dayının cibindən rahatca pul alaraq özləri üçün boş-bekar gəzirdi. Ssenari üzərində isə yenidən başqa bir qrup işləməyə başladı. Və nəticədə üç ay yarıma çəkilmiş bütün materialın güc-bəla ilə 35 faizini saxlamaq mümkün oldu, qalanı isə zibil qabına getdi. İşə yenidən girişdilər, sonra nə olacaq, məlum deyil. Rejissora gəldikdə isə o belə deyir: – Məni gözdən pərdə asmaq, vəziyyətdən çıxmaq xatirinə qoyublar. Və mən də bu rejissor rolundan rəsmən imtina etməsəm də, əslində rejissor kimi işləmirəm və mənim bütün işim haqq-hesablara qol çəkməkdən ibarətdir. Bəs, eyni bir səhvin təkrar edilməsi, yeni mühitlə tanış olmayan işçilərin, rejissorların, ssenaristlərin və başqalarının dəvət olunması, yerli qüvvələrə etinasızlıq göstərilməsi nəticəsində on minlərlə manatın havaya sovrulmasına görə kim cavab verməlidir. Hazırda Azərkino öz işini kökündən dəyişmək və türk işçilərinə müraciət edərək türk həyatı, mühiti ilə tanış olmayan, işçilərdən yaxa qurtarmaq əvəzinə, tamamilə başqa bir istiqamət götürmüşdür, yəni öz iş sistemində elə dəyişikliklər etmişdir ki, indi Rusiya, rus kəndlilərinin həyatından filmlər çəkməyə cəhd göstərir. Əgər türk olmayan işçilər türk həyatını çəkə bilmirlərsə, çəkməsinlər, heç bu işə girişmək də lazım deyil. Azərkinonun işçilərinə tanış olan həyatdan, yəni rus həyatından çəkmək olar. Qeyri-adi məktəbdir, qəribə ixtiradır. Azərkino həmişəlik olaraq özünü və öz işçilərini bu lənətə gəlmiş, tanış olmayan, bütün başqa kino təşkilatlarının fəaliyyət dairəsindən kənarda qalan Azərbaycan, türk həyatını, türk fəhlə və kəndlilərin quruculuq işlərini və nailiyyətlərini əks etdirmək əzabından qurtarmaq yollarını arayıb tapdı və məsələni həll etdi. Aydındır ki, bütün kino təşkilatları başlıca olaraq içərisində işlədikləri zəhmətkeşlərin həyat və mübarizəsini əks etdirirlər. Türk fəhlə və kəndliləri Azərkinonun öhdəsində qalır. Lakin Azərkino bu vəzifənin öhdəsindən gələ bilmir, çünki onun türk işçiləri yoxdur, türkləri işə cəlb etmək istəmir və asan bir yola üz tutaraq öz işini işçilərinə tanış olan həyatın əks edilməsinə yönəldir. Bax, elə buna görə də “Birinci komsomolçu”nun yaradıcılıq heyətində iki nəfər istisna olarsa, türk yoxdur, “rejissor” (o da kino sənətində işçilərin çatışmadığı bir şəraitdə işsiz qaldığına görə bizə gəlməyə razı olan yeganə adamdır) burada ilk dəfə olaraq assisentlikdən əvvəlcə rejissorlardan biri vəzifəsinə irəli çəkilmiş, filmi korladıqdan və üç aylıq işi puç etdikdən sonra isə qısa olsun deyə, sadəcə olaraq, rejissor adlanmağa başlamışdır. Lakin aktyorlar da Leninqraddan, Odessadan, Azərbaycan və Bakıdan başqa Rusiyanın hər bir yerindən dəvət olunublar. Çəkilişə hazırlanan “Rusiya məhv oldu” filmində isə, hətta bir nəfər bakılının cəlb edilməsinə baxmayaraq, rahatlıq və asanlıq naminə türk həyatından da, kəndindən də imtina edilib. Əlbəttə, heç bir eybi yoxdur ki, o da yerli həyatı bilmir və türk deyil (axı onsuz da film Nijeqorod həyatındandır), narazılıq doğuran yalnız odur ki, onun heç vaxt, heç yerdə kino ilə heç bir əlaqəsi olmayıb və Azərkino bu işə yarayan türklərin olmaması üzündən onu tədricən rejissorluğa hazırlamağı lazım bilib. Biz bəlkə də susmağı daha münasib sayardıq və hələ bir on il də gözləyərdik, görək nə vaxt Azərkinonun yeni rəhbərləri (baxmayaraq ki, onların kifayət qədər yaşı var) nəhayət bu sadə həqiqəti başa düşəcəklər ki, bir illiyə və ya bir çəkilişə dəvət olunan qeyri-türk mütəxəssislər türk həyatını bilmədiklərinə görə bu həyatdan film çəkə bilməzlər və nə “Birinci komsomolçu”, nə də “Rusiya məhv oldu” haqqında yazmazdıq. Qoy bir neçə yüz min manat da Azərkinonun toyuq korluğu ucbatından puç olsun. Axı, indiyədək yüz minlərlə (bəlkə milyonlarla) manat pul itib-batıb və ortada da heç bir az-çox layiqli məhsul yoxdur. Lakin, bizi bir şey narahat edir. Azərbaycan kino sənətini mənəvi və təşkilati iflas faktı qarşısında qoyaraq, onu ümumiyyətlə məhv edən bu prinsipial səhvin bütövlüklə təkrar olunması təhlükəsi qalmaqdadır. Bu yaxınlarda Moskvada keçirilən kino müşavirəsinin nəticəsində yeni iş planı tərtib olunmuşdur. Bu plana əsasən Bakıda və Azərbaycanın başqa yerlərində bir neçə kinematoqrafiya və yeni kinofabrika tikiləcəkdir. Bunu, əlbəttə, alqışlamaq lazımdır. Lakin əgər indiki kimi, bu kinofabrikanın da öz işçiləri olmayacaqsa və müxtəlif kinoekspedisiyalar üçün karvansaraya çevriləcəksə, o nəyə gərəkdir? Düzdür, planda hər il Azərkinonun əməkdaşlarının sayının artması nəzərdə tutulub. Lakin burada türklərin cəlb edilməsi barədə bir kəlmə də deyilmir. Işçilərin dəvət olunması ifadəsinin Azərkino rəhbərlərinin leksikonunda hansı mənanı verdiyini isə biz öz acı təcrübəmizdən çox yaxşı bilirik. Belə ki, ya tamamilə qocalıb iş qabiliyyətlərini itirmiş adamlar, ya da təzəcə işə başlayan və hələ uzunmüddətli təhsilə və təcrübəyə ehtiyacları olan gənclər – elə məhz bu səbəblərə görə boş qalmış və başqa heç bir kino təşkilatı tərəfindən qəbul edilməmiş, ən müxtəlif çeşidli keçici elementlər dəvət olunurlar. Birincilər bir müddət maaş alaraq başlarını girləyirlər və nəhayət, heç bir iş görmədən çıxıb gedirlər. İkincilər də bizdə müəyyən təcrübə keçdikdən sonra işləmək üçün öz yerlərinə qayıdırlar. Azərkino isə yenə də işçisiz qalır. Biz həmişə Azərkinonu “hazır işçiləri” dəvət etmək sistemindən əl çəkməyə, ciddi surətdə yerli işçilərdən gənc kadrların yetişdirilməsinə və hazırlanmasına başlamağa, “xaricdən” yalnız yaxşı və təcrübəli işçilər dəvət etməyə, özü də onları tanımadıqları mühitə düşdüklərinə görə məhsuldar işləyə bilmədikləri istehsalatda deyil, yerli kadrların hazırlanmasında istifadə etməyə çağırmışıq. Lakin Azərkinonun rəhbərləri bundan inadla imtina edərək QTK-nı təzəcə bitirmiş və heç bir istehsalat təcrübəsi keçməyən və sonradan məlum olduğu kimi, aparatı qurmağı belə bacarmayan adamlara iş verirdilər. Hal-hazırda bu xətt bütövlüklə davam etdirilir, yerli kadrlar işdən mümkün qədər uzaq saxlanılır. Üç-dörd ay əvvəl mətbəə çapçıları irəli çəkmək məqsədi ilə kinofabrikaya bir mürəttib – yoldaş Məmmədovu göndərmişdilər. Yoldaş Məmmədov fabrikadakı işi haqqında bax belə söyləyir: – Bircə onu bilirəm ki, hər gün dəhlizdə, bufetdə otururam, çay içirəm, nərd, şaşki, şahmat oynayıram. Heç kim mənə bir iş tapşırmır, lakin elə adamlar var ki, məndən sonra gəliblər və təyinat alıblar. Yalnız bir neçə gün bundan əvvəl, fabrikdə üç aylıq boş veyillənməkdən sonra, mən müdiriyyətə getdim və tələb etdim ki, məni hər hansı bir işə təyin etsinlər, ya da geriyə “Qırmızı Şərq” mətbəəsinə göndərsinlər. Bundan sonra mənə dedilər ki, məni “Birinci komsomolçu” qruppasına təyin edirlər, lakin nə vaxt, hansı ixtisas üzrə, nə vəzifəyə yenə də bilmirəm və şaşki, nərd oynamaqda davam edirəm. Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə, fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar” – “gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarına aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s. i.a. Biz artıq istehsalatdan irəli çəkilmiş yeni kadrların yalnız nərd oynamaqla məşğul olduqları haqda, bəzi QTK məzunlarının aparatı belə qura bilmədikləri haqda danışmışdıq. Və bunlara əlavə etmək lazımdır ki, bütün bu keçmiş acı təcrübə Azərkino rəhbərləri üçün kifayət deyil. İndi əhvalat təkrar olunur. Yeni planın həyata keçirilməsi üçün 6 nəfər QTK-ni bitirmiş adam gətirilib. Bizə təcrübəli işçilər, müəllimlər lazımdır. Bu yoldaşlar isə hələ özləri çox cavandırlar və təcrübəyə, təhsilə ehtiyacları var. Əgər Azərkinonun gələcəkdə sayca artması da eyni yol ilə getsə (o isə, bütün əlamətlərə görə, məhz belə gedəcək), şübhə ola bilməz ki, müəyyən vaxtdan sonra biz Azərkinonun yeni, lakin bu dəfə daha kəskin və daha başa gələn uğursuzluğundan və dağılmasının şahidi olacağıq. Bu yaxınlarda keçirilən Olimpiada təcili müalicəyə ehtiyacı olan bir çox yaraların üzünü açdı. Olimpiadanın nəticələri istər teatr, istərsə də kinoda, başlıcası isə Azərkinonun iş sisteminin özündə əsaslı dönüş yaratmalıdır. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Olimpiadanın yekun iclasında F.Kon deyirdi ki, hər şeydən çox ondan ehtiyat etmək lazımdır ki, milli tamaşalar milli dillərə tərcümə edilmiş rus tamaşaları olmasın, “Mənim şübhələrim doğrulmadı, çünki milli teatrlar “incəsənəti kütlələrə” şüarını düzgün başa düşərək, milli formaları və motivləri proletarçı məzmunla doldurdular...” Teatr haqqında deyilən bütün bu sözlər bütövlüklə milli kinoya da şamil edilə bilər. Yoldaş Feliks Konun fikrini inkişaf etdirərək yoldaş Zaqarski haqlı olaraq qeyd edir: “Bu – əsasdır: İncəsənəti – kütlələrə”. “Anzor” ona görə əla tamaşa deyil ki, Tiflis teatrı Vs.İvanovun pyesini rus dilinə tərcümə edərək elə priyomlar axtarıb tapıb ki, onların quruluşu I MXT-ın tamaşasından daha gözəl və istedadlı çıxıb. Bəlkə də həmin tamaşanı gürcü dilində E.Piskator və ya Vs.Meyerxold qoysa idi, bir qədər də cazibəli çıxardı. Lakin bu halda o əsl gürcü tamaşası olardımı? Başqırd Dövlət teatrı Maqodaveyin quruluşunda “Quzu bulağı”nı göstərdi və burada dildən başqa milli heç nə yox idi. Lakin Belorusiya teatrında Rafalskinin qoyduğu həmin pyes spesifik yəhudi teatrının bütün fərqləndirici əlamətlərini özündə cəmləşdirən parlaq nümunə sayıla bilər. Bəs məsələ nədədir? Məsələ ondadır ki, Feliks Kon milli formada xüsusi məhəbbət bəslədiyinə görə həyəcanlanmırdı, bu həyəcanın səbəbi o idi ki, yalnız həmin milli formalar vasitəsilə əsərin məzmununu ən geniş milli tamaşaçı kütlələrinə çatdırmaq olar... Yalnız kütlələr daxilində və yalnız kütlələrin əliylə həyatın bütün sahələrində tarixi hərəkətə gətirmək olar. “Anzor”, əgər onu gürcü fəhlə və kəndlisi başa düşməsəydi və o bu fəhlə və kəndlinin teatr duyumundan uzaq olsaydı, bir qəpiyə də dəyməzdi: “Literaturnaya qazeta”, 20 iyun 1930-cu il, № 30 (67)). Bütün bunlar tamamilə haqlı olaraq incəsənətin xüsusi bir növü olan və fəaliyyət göstərdiyi milli respublikanın zəhmətkeş kütlələrinin yaradıcılıq məhsulu olan kinoya da aid edilə bilər. Azərkinonun yeganə xilas yolu – başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətin özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox güman ki, bu dəfə bu onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir. * * * Ağac aktyorlar Hazırda Şuralar İttifaqının teatr aləmində geniş intişar tapmış yeni sahəsi varsa, o da kukla teatrıdır. Əsas etibarı ilə bu yeni bir sahə deyildir. Bu teatrın kökü çox dərindir və bunun böyük bir tarixi vardır. 1904-cü ildə Misirdə həfriyyat yapılarkən devrimizdən XVI əsr əvvələ aid ən köhnə kukla aktyorları tapılmışdır. Gərək Şərqdə və gərəksə Qərbdə kukla teatrı böyük şöhrət qazanmışdır. Hindistanda bu teatr öz qəhrəmanı Bikuşak, Rusiyada – Petruşka, Çində – Kvo, Yaponiyada – Ninka-Pukay, Türkiyədə – Karagöz, İtaliyada – Fülçinello, Fransada – Polişinel, Almaniyada – Hansvuri-Kasperlə, İngiltərədə – Teatr-Pancer, İranda – Kangal Pəhləvan, Türküstanda – PəhləvanKeçəl və sair ölkələrdə başqa adlarla çıxışda bulunurlar. Heç bir teatrın kukla teatrı qədər tam, kütləvi xalq teatrı olması üçün böyük üstünlüyü yoxdur. Bu keyfiyyətə ən əvvəl teatrın çox yığcamlığı və yüngüllüyü yardım göstərir. Bu teatrın bütün aktyorlar dəstəsi bir kisəyə və ya bir çamadana yerləşir, istər xüsusi teatr sahələrində və istərsə hər cür meydanda, məktəb sinfində, klub binalarında və sair məhəllələrdə tamaşa verilə bilər. İştə buna görə də haman teatr köhnə zamandan bəri xalqın fikrini və zalimlər – istismarçılar əleyhinə protestini ifadə edən vasitələrdən biri olmuşdur. Keşişlər, mollalar, sultanlar, şahlar, saray xadimləri, tacirlər, zənginlər və sair bu kimi ünsürlər Karagöz, Petruşka, Pəhləvan-Keçəlin ənənəvi zonasını az dadmamışlar. Teatrın bu sifəti bütün ölkələrdə nüfuz qazanmasına səbəb olmuş və indi də xarici ölkələrdə kukla teatrı, bir təbliğat silahı olaraq geniş surətdə tətbiq edilməkdədir. Bu teatrın nə dərəcədə intişar tapdığını buradan görmək olar ki, tək Çexoslovakiyada 1000-dək xalq kukla teatrı, məktəb və maarif cəmiyyətlərində 290-dək və ailələrdə həddən ziyada kukla teatrı vardır. Yaponiyada kukla teatrı çox təkmilləşdirilmişdir. Burada NinkaPukay kuklası insanın dörddə üç hissəsi böyüklüyündədir və bu kukla cürbəcür mürəkkəb mexanizm vasitəsilə canlı aktyorlara bənzədilir. Şübhəsiz ki, biz kütləvi təbliğatda böyük əhəmiyyətli silahlardan olan kukla teatrına diqqət yetirməyə bilmərik. Biz kukla teatrından geniş istifadə olunması üçün əlimizdən gələn tədbirləri görməliyik. Teatrın yüngül və yığcamlığı xassəsi, onun bütün işçi dairələrində, ümumi mənzillərdə, bütün məktəblərdə və xüsusi kəndlərdə faydalı və əvəz edilməyəcək yardımçı olmasını təmin edir. Indi Rusiyada, Leninqrad İşçi-Gənclər Teatrında, Moskvada Gənc Tamaşaçılar Teatrında və sair şəhərlərdə kukla teatrı vardır. Azərbaycanda bu işə indicə başlanmışdır. Türk Bədaye teatrının aktyorlarından Bəbirli yoldaş kukla aktyorları düzəltmişdir. Bu “aktyorlar” bərk ağacdan olub çox sənətkaranə işlənmişdir. Bunlar son dərəcə mütəhərrik olmaqla bərabər, mənalı sifətləri vardır. Bizcə, əlaqədar təşkilatlar bu işin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda bu kimi teatr pionerlərinə lazımi yardım göstərsələr, teatrı inqilabi faydalı repertuarla təmin etmək üçün tədbirlər görülər, teatr səhnələrində və klub meydançalarında, işçi-gənclər və çocuqlar teatrda və məktəblərdə tamaşa göstərmək üçün ona yer verilər. Ən əvvəl bu işə Türk Bədaye teatrı lazımi yardım göstərməli, “ağac aktyorlar”ı hamiliyi altına almalı, öz aktyoruna kömək və adi inkişafını təmin etməlidir. Ali Baş Siyasi Maarif Idarəsi, Bakı Maarif şöbəsi və sair əlaqədar müəssisələr bu işə lazımi diqqət yetirməli, yeni teatrı ayağa qaldıraraq onu canlı, kütləvi təbliğattəşviqat silahı etməlidirlər. * * * Taxta aktyorlara geniş yol verməli Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə. Son zamanda Şuralar Ittifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır. Əsasən, bu teatr yeni deyildir. Bu teatrın qədim bir tarixi vardır. Taxta aktyorlardan ibarət teatr həmən bütün məmləkətlərdə qədimdən bəri davam etməkdədir. 1904-cü ildə Misirdə aparılan qazıntılar əsnasında miladdan 16 əsr əvvələ aid kukla truppası tapılmışdır. Ən çox kukla teatrı Şərqdə və Qərbdə məşhurdur. Hindistanda bu teatr qəhrəman Vyubuşaq adını, Rusiyada Petruşka, Çində – Kvo, Yaponiyada – Ninigs Çükay, Türkiyədə Qaragöz, İtaliyada Pulçinello, Fransada – Polişinel, Almaniyada – Hansvurts, Kasperle, İngiltərədə – Panqer teatrı, İranda – Kaçal Pəhləvan, Türküstanda – Pəhləvani Keçəl, Tunisdə – Qaraquş adını daşımışdır. Bu vaxta qədər heç bir teatr kukla teatrı kimi xalq arasında məşhur olmamış və kütləvi şəkil almamışdır. Çünki bu teatr yüngül olduğundan asancasına hər yerə daşına bilər. Onun aktyorları taxtalardan qayırma və xırda olduğundan bir çamadana və ya kisəyə yerləşər. Bu teatrın tamaşasını hər yerdə: meydançada, məktəbdə, klub binalarında və başqa yerlərdə göstərmək olar. Bu teatr qədimdən bəri xalqın və əməkçi kütləsinin malı olduğundan, həmişə onun fikirlərini ifadə etmiş, zalım və istismarçılara qarşı protesto etmişdi. Qaragözlərin, Petruşkaların, Keçəl Pəhləvanların gülünc hala saldığı mollaların, keşişlərin, şahların, sultanların və çarların, saray adamlarının, tacirlərin və varlıların sayı az deyildir. Hazırda bu teatr yenə canlanmaqdadır. Gərək bizdə və gərəksə xarici ölkələrdə bu teatrlardan təbliğat aləti kimi ciddi istifadə olunur. Yalnız kiçik Çexoslovakiyada 1000-ə qədər xalq kukla teatrı vardır. Bundan əlavə məktəblər və maarif cəmiyyətləri yanında 200-ə qədər kukla teatrı tamaşa vermişdir. Bu göstərir ki, kukla teatrından necə geniş miqyasda istifadə olunur. Kukla teatrı Yaponiyada çox irəli getmişdir. Burada kuklalar insanın üçdə dörd hissəsi boydadır. Müxtəlif mexanizm ilə bu taxta aktyorlar canlı aktyorlar kimi oynayırlar. Şuralar ölkəsində dəxi kukla teatrına çox ciddi əhəmiyyət verilir. Hazırda Leninqrad İşçi Gənclər Teatrı və Moskvada Çocuq Tamaşaçıları Teatrı yanında kukla teatrları vardır. Bu vaxta qədər Azərbaycanda belə bir şey yox idi. İndi bu işə iqdam olunmuşdur. Türk Bədaye Teatrının gənc atkyorlarından Bəbirli yoldaş bir kukla teatrı truppası düzəltmişdir. Bu taxta aktyorlar çox ciddi, həvəslə və ustacasına qayrılmışdır. Bu, aktyorlar olduqca çevik hərəkət edə bilirlər. Bu teatrın yalnız Bakıda deyil, bütün Azərbaycan dairə və kəndlərində böyük müvəffəqiyyət qazanacağı şübhəsizdir. Firqə və hökumətimizin tapşırıqlarını təbliğ etmək və siyasətimizi kütlə içərisində yaymaq işində bu kimi teatrların böyük rol oynayacağını kimsə inkar edə bilməz. Bu yaxşı işə ciddi kömək etmək və bu işi canlandırmaq lazımdır. Bu teatrı qüvvətləndirmək, repertuarını canlandırmaq və artırmaq ilə ona teatrlarda və klublarda çıxışda bulunmaq üçün imkan vermək lazımdır. Birinci növbədə, Türk Bədaye Teatrı müdiriyyəti və kollektivi öz aktyorunun bu faydalı təşəbbüsünə kömək etməli və onu öz hamiliyinə almalıdır. Ali Siyasi Maarif Idarəsi, Bakı Xalq Maarif Şöbəsi bu işə fikir verməli və təşviqat məqsədi ilə istifadə etməlidir. * * * Əməkçi qadınlar, səhnəmiz sizi gözləyir Dövlət Bədaye teatrı yanında açılmış studiyaya giriniz. Hazırkı dövrdə türk Azərbaycan teatrının artmasına və inkişaf etməsinə əngəl törədən səbəblərdən ən böyüyü lazımınca türk aktrisalarının olmamasıdır. İnqilabdan sonra səhnəyə bir çox türk qadınlarının gəldiyini kimsə inkar edə bilməz. Lakin bunlar çox azdır. Bunlar səhnəmizi ağır vəziyyətdən qurtara bilməz. Türk qadınları çadradan və mətbəxdən azad olaraq mədəniyyətin bütün sahələrinə atılmaqdadır. Onlar səhnəmizdə aktiv iştirak etməkdədirlər. Yazılan pyeslərimizdə bir neçə məsul qadın rolu olanda rejissorlarımız başlarına döyməyə məcbur olurdular. Hazırda azad türk qadınlarının yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər. Lakin belə hadisələr nisbətən çox azdır. Teatr artıq kütlə içərisində mühüm bir yer tutmağa başlamışdır. İndi bunları səhnəyə çəkmək üçün qəti bir addım atmaq lazımdır. Yayılan yalan şayiələrə görə türk teatrı səhnəsində türk qadınları üçün çalışmaq mümkün deyildir. Bunun üçün şərait yoxdur. Aktyorlarımız guya lazımınca tərbiyəli deyillər. Bu, bir tərəfdən. Digər tərəfdən özləri qadınların səhnəyə gəlməsinə çox rəsmi yanaşırlar. Hələ bir çox yoldaşlarımız qadınların səhnəyə gəlməsinin əhəmiyyətini anlamırlar. Bu məsələnin siyasi bir məsələ olduğunu düşünmürlər. Indi bu məsələni ciddi bir surətdə müzakirəyə qoymaq lazımdır. Dairə (rayon) klublarına çəkilən qadınları səhnəyə alışdırmalı, qızların teatr texnikumuna çəkilməsi üçün təlimat hazırlamalı, səhnəyə çəkilən qadınlar maddi cəhətcə yaxşı təmin olunmalıdırlar. Hazırda Bədaye teatrı bu sahədə birinci addım atmışdır. Teatrda bir studiya düzəldilmişdir. Bu studiya gənc aktyorlar və gənc qızları yetişdirəcəkdir. Qəbul edilənlər içərisində türk qızlarına artıq fikir veriləcəkdir. Qızlarımız teatrın bu çağırışına cavab verməli və səhnədə onun üçün ayrılan boş yeri tutmalıdır. * * * Səhnədə qadın Keçmişdə Azərbaycan səhnəsi qadını heç xəyalına belə gətirə bilməzdi. Odur ki, Azərbaycan səhnəsinin “ilk aktrisaları” kişilərdən ibarət idi. Ağdamski Əhməd, Süheyli və səhnəyə yeni gələnlərin çoxusu öz aktyorluq fəaliyyətini qadın rolundan başlamışdılar. Səhnədə kişi rolunu oynayan aktyor, burjuaziya cəmiyyəti tərəfindən təhqir və istehzaya uğradığı halda, qadın rolunda çıxan bu kişilərin vəziyyəti nə halda olardı? Bunlara qız vermir, az-çox “nəciblər” içərisinə buraxmırdılar. Səhnədə qadın yox idi, “Böyük Məhəmməd” – belə tələb etmiş idi. Səhnə isə qadın tələb edirdi. Aktrisalar seçilmək üzrə deyil, arzu üzrə, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar... 1908-ci ildən başlayaraq aktrisa Mislavskaya, Mixayılova, Kuznetsova və Lizina səhnəyə çıxırlar. Tanaylidi, Lizina indiyədək Azərbaycan səhnəsində işləməkdə davam etməklə get-gedə yeni və gözəl obrazlar yaradırlar. 1913-cü ildə Y.N.Olenskaya səhnəyə çıxmışdır. 1919-cu ildən başlayaraq teatr artıq istedadlı aktrisalar əldə etməyə müvəffəq olur. Bunlardan başqa Azərbaycan İşçi Teatrı səhnəsində istedadlı aktrisa Məxfurə Xanım və müxtəlif sahələrdə Münirə, Lalə çalışmışlardır. Azərbaycan teatrının tarixi Azərbaycan səhnəsinin bu əməkdaşlarını hər vaxt sevinclə yad edəcəkdir. Aprel inqilabı çadranı yırtdı, Məhəmməd dini həbsxanasının divarları uçuruldu, pədərşahı dəhşətinin dumanları dağıdıldı və bu duman içərisindən Azərbaycan teatrı səhnəsinə ilk dəfə çıxan Azərbaycan qadını Sona, Mərziyə, Əzizə və başqalarının gülümsər üzü göründü. Bunların ardınca başqaları gəldilər. İndi, Azərbaycan Dövlət Dram Teatrının 10 illiyində teatrın aktivi içərisində 15 azərbaycanlı aktrisa vardır. Ümumiyyətlə, sarayların, klubların səhnələrində aktrisa olan Azərbaycan qadınlarının miqdarı yüzdən çoxdur. Bunlar böyük talantlar irəli sürə bilmişlər. Mərziyə Xanım artıq yetişmiş yaradıcı sənətkardır. Mərziyə Xanım Sevil, Gültəkin, Dezdemona kimi rollarda öz məharətini göstərə bilmişdir. Mərziyə Xanım 16-cı ildə Astraxanda səhnəyə çıxaraq, 20-ci ildən sonra Azərbaycanda inkişaf etmişdirsə, Əzizə Xanım səhnəyə bilavasitə çadra içərisindən gəlmişdir. Azərbaycan qadınlarının həyatını (ziyalıların və savadsız evdar qadınların) yaxşı bildiyinə görə fiquranı doğru təsvir edir və hər bir yeni obrazı canlı bir tip kimi göstərir. Azərbaycan qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa Sona Xanımdır. Sona Xanım öz anası Əzizə Xanımla teatra çocuq ikən gəlmişdir. Anasının işi onda səhnəyə həvəsi törətmiş, 10 il müddətinə vücudca kiçicik və zəif olan qızcığazdan böyük bir aktrisa fiqurası yetişdirmişdir. Son zamanlarda Azərbaycan qadınlarının səhnəyə həvəsi sayəsində, ona doğru axını da artmışdır. Artıq Azərbaycan qadınını xahiş edib gətirmək lazım deyildir. Onlar özləri səhnələrə, teatr texnikumlarına dolurlar. Son illərdə buradan Tamara Paşazadə teatra gəlmişdir. Tamara artıq aktiv ictimai bir aktrisa olmaqla, bütün briqadalarda iştirak edir. Şərqiyyə Məhərrəmova və Züleyxa dəxi teatr işçilərindən aktrisalığa irəli çəkilmişdir. Gənc İşçi Teatrı səhnəsində çox istedadlı və ictimai işlərdə çalışan Fatma Xanım işləyir. İsrafilova Cavahir, Gülüstan və bir çox başqa Azərbaycan aktrisaları mədəniyyət saraylarının səhnələrində və şəxsi mədəniyyət dərnəklərində işləyirlər. Bu qüvvələrdən gələcəkdə, şübhəsiz, böyük aktrisalar kadrosu yetişdiriləcəkdir. Beləliklə, Aprel inqilabı sayəsində azadlığa çıxmış Azərbaycan qadını öz rolundan kişini rədd edərək, öz rolunu öz əlinə almışdır. 60 illik qəhrəmanlıq fəaliyyəti günündə Azərbaycan səhnəsinin əməkçi qadınlarına salam!.. * * * “Şahsənəm” librettosu haqqında Bu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik. Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın. Yüz faiz süjetin inqilabi olması barədə danışmağa dəyməz. Əgər artıq sözləri atsaq belə bu, inqilabi süjet yaratmaq deyil. Vəziyyət özü inqilabi olmalıdır. Burada isə həmin vəziyyət yoxdur. Sinfi qeyri-bərabərlik elementləri olsa da, yoxsul varlıdan sevdiyi qızı ala bilməzdi. Onu da deməliyəm ki, bu operaya inqilabi süjet vermək mümkün deyildir. Odur ki, həm bəstəkar, həm də mən bu məsuliyyəti öz üzərimizə götürə bilmərik. Bizim yolumuz musiqini kütləviləşdirmək və onun Avropa musiqi mədəniyyətinə yaxınlaşdırmaqdır. Mən belə başa düşürəm ki, Qlier milli melodiyanı götürmüş və onu kütləviləşdirməyə çalışmışdır. Beləliklə, bizim Avropa sənətkarı tərəfindən işlənmiş Şərq melodiyamız vardır. Həmin təcrübənin parlaq nəticələr verdiyini deyə bilmərəm, ancaq bu, milli musiqinin inkişafında müəyyən mərhələdir. Bəlkə də bu təcrübənin nəticəsi uğurlu deyil, lakin milli musiqi keçilmiş mərhələ ilə öz inkişafında bir mərhələ də irəli atılacaqdır. Bəstəkarlarımız bu təcrübənin yaxşı və pis cəhətlərini nəzərə alacaq və ondan öyrənəcəklər. “Ş a h s ə n ə m” operasının musiqisi “Aşıq Qərib”ə nisbətən daha müvəffəqiyyətlidir... Mən Xalq Maarif Komissarlığı adından danışmağa vəkil edilməmişəm, ancaq öz fikrimi deyəcəyəm. Mənim vəziyyətim belədir: 1924-cü ildə Mikail Pavloviç librettonu tamamladıqdan sonar onun tərcüməsini mənə tapşırdılar. Mən sadəcə olaraq süjetə və başqa məsələlərə diqqət yetirmədən librettonu tərcümə etdim. Sonra bu iş başlı-başına buraxıldı. Il yarım bundan əvvəl Qlier Bakıda olanda mənə təklif etdilər ki, həmin məsələyə yenidən başlayım. Bir azdan deyəcəyim səbəbə görə mən tərcümədən tamamilə imtina etdim. Sizə məlumdur ki, bu türk xalq əfsanəsidir. Onu vaxtilə Lermontov qələmə almışdır. Lermontovdan sonra H a c ıbəyli (Zülfüqar H a c ıbəyli) opera şəklinə salmış və hazırda Bakıda oynanılır. Həmin opera 1912-ci ildə (1914-cü ildə) yaradılmışdır. Bütün bunlardan sonar Qalperin öz librettosunu yazmışdır. Mən tərcümədən ona görə imtina etdim ki, librettoda qarşıya qoyulan məsələ kifayət qədər münasib şəkildə ifadə olunmamışdı. Onda heç bir ictimai cəhət yox idi. Sonradan edilən kiçik əlavələr də əfsanənin primitiv süjeti içərisində itib-batmışdır. Mən sadəcə olaraq bu işdən uzaqlaşmaq istədim. Ancaq mənə dedilər ki, tamamilə original əsər yazmaq lazımdır. Çünki “Lakme” və s. kimi bir sıra tərcümə nümunəsi vardır. Onlar hamısı müvəffəqiyyətsizliyə uğramışdı. Odur ki, teatr tamaşaçılara tez çatsın deyə orijinal libretto yaratmağı qərara almışdır. Bizim xalq üçün bu, kiçik məsələ deyil. Biz buna musiqinin mədəni inkişafı kimi baxırıq. Indi elə mərhələdir ki, biz Avropanın mədəni musiqisini tətbiq etmək istəyirik. Burada söhbət milli musiqi mədəniyyətindən gedir. Ona görə bəstələnmiş musiqidən imtina edə bilmərik, biz onu geniş şəkildə həyata keçirməyə çalışırıq. Əks halda, opera, məhv olub gedər. Odur ki, Xalq Maarif Komissarlığı musiqini librettonun köməyi ilə kütlələrə çatdırmaq üçün orijinal süjet yaratmağı qərara aldı. Mən öz librettomu il yarım bundan əvvəl təqdim etmişəm. Sizin dediyiniz çoban və s. məsələlər mənim təkliflərimdir. Qlier bunu, yəqin ki, xatırlayır. Mən librettonun sxemini dəyişdim və öz düşündüyüm kimi təfsir etdim. Librettonun 1-ci pərdəsini yazıb, bütün planını tərtib edərək il yarım bundan irəli Qlierə verdim. Onda teatr librettoya mənimlə müqavilə bağladı. Mən məktubla onu Xalq Komissarlığına göndərdim. O biri pərdələr üçün lazım olan bəzi əlavələrlə 1-ci hissəni Qlierə verdim. Axı, süjet eyni olsa da, mən onu yeni iştirakçılar və təzə musiqi parçaları hesabına özüm düşündüyüm kimi yenidən qurdum. ...Mən öz librettomu hazır musiqiyə uyğun yazmağı söz vermişdim. Qlier sonuncu dəfə Bakıya gələndə onun qarşısında belə bir məsələ qoyuldu: biz mövcud süjet əsasında orijinal opera yaratmaq istəyirik. O dedi: – Mən indi cavab verə bilmərəm, çünki Qalperinlə razılaşmamışam. Qlierə təklif etdilər: – Cabbarlı ilə işləmək istəyirsinizmi? O cavab verdi ki, əgər Smoliç (Böyük Teatrın rejissoru) razı olsa, mən etiraz etmirəm. Biz Smoliçin yanına getdik və onunla razılığa gəldik. Onu da deyim ki, mən bir daha əvvəl təklif etdiyim hissəsini də dəyişdim. Smoliç Moskvada bizimlə tamamilə razılaşdı. Bundan sonra il yarım əvvəl librettoda nəzərdə tutduğum məsələləri bütünlüklə dəyişdim. Yalnız xalq əfsanəsi süjetinin ümumi hissəsi qaldı. Sonra başqa işləri gördüm: səhnələri və surətləri dəyişdirdim, bu şəkildə librettonu tərtib etdim. İndi məni yaranmış bu vəziyyət çox düşündürür. Mən bura gələndə Smoliç dedi ki, mənim librettomdan bəzi hissələr dəyişiklik üçün istifadə olunub. Onda bizim burada iştirakımız nəyə lazımmış? Axı, Qlier özgə libretto yazanla işləmək istəmədiyini əvvəlcədən deyə bilərdi. O dedi ki, Smoliç razı olsa, mənim heç bir etirazım yoxdur. İndi isə deyirsiniz ki, (Qlierə müraciət edir) Smoliçin razılığı hər şeyi həll etmir. Bu elə cəhətdir ki, bizi narahat etməyə bilməz. Siz nəyi əldə rəhbər tutub, yeni libretto üzərində işləyəcəyinizə söz verdiniz? Axı, teatrla yazılı müqavilə bağlayıb, altından qol çəkmişdiniz?! Orada açıq göstərilir ki, Siz yeni libretto yazanla işləyəcək, lazım gələndə bir sıra dəyişikliklər edəcəksiniz. Mixail Pavloviçlə isə özünüz danışaq və hərtərəfli razılığa gələcəksiniz. İndi Qalperin verən təfsiri dəyişdirib-dəyişdirməmək haqqında məsələ qaldırırsınız. Mən deyəndə ki, tamamilə yenidən işləyirəm, hətta Mixail Pavloviç öz librettosunu tanımayacaq, məgər hər hansı bir kinayəmi işlədirdim? ... Mən hazır musiqiyə uyğun yazmağa çalışdım. Yeni musiqi parçaları bəstələnəcəyini nəzərə alıb, süjetə əlavələr etməyi lazım bildim. Onda Qlier buna razılıq vermişdi. O vaxt süjet müasir dövrlə, hətta kolxozla əlaqələndirməyi təklif edənlər də vardı. Librettoda kolxoza aid hissə yazılmışdır. Qlier buna da razılıq vermişdir. Bu onu göstərir ki, Qlier onda musiqini də dəyişdirməyə razı idi. Teatr mənə təklif etdi ki, hazır musiqi var, bu musiqiyə libretto yazın. Əgər Mixail Pavloviçin üç və ya dörd variantda yazmaq imkanı vardısa, mən beşini yaza bilərdim. Mixail Pavloviçlə aramızda heç bir konflikt yoxdur. Tapşırdılar, mən də yazdım. ... Belə bir gözlənilməz vəziyyət olmuşdu. Qlier deyirdi: – Biz tamamilə sərbəstik və heç kiminlə hesablaşmayacağıq. Mən həmin söhbətdə iştirak edirdim, onda plan tamam başqa cür idi. Deyirdilər ki, yaradıcılıq ittifaqı sadəcə ictimai təşkilatdır, hər ehtimala qarşı biz kütlənin mənafeyini müdafiə edirik. ...Burada belə bir təəssürat oyanır ki, guya Qalperinlə mənim aramda kəskin münasibət yaranmışdır. Mən qəti surətdə bunun əksinəyəm və Mixail Pavloviçə bir qələm dostu kimi böyük hörmətim vardır. İndiki halda mənim məqsədim Qalperinin hansı vəziyyətə düşməsindən asılı olmayaraq tamamilə aydındır. Bu məsələni təkbaşına həll etmək də imkan daxilində deyil. Qeyd etmək istəyirəm ki, operanın yaradılmasına iki yüz min manat vəsait ayrılmışdır. Librettonun yazılması ona görə mənə tapşırılmışdır ki, vəsait havayı sərf olunmasın. Yeni libretto orijinal, xalqa doğma və yaxın olsun ki, opera müvəffəqiyyət qazana bilsin. Bundan başqa, biz mətnin köməyi ilə mədəni musiqini irəli aparırıq. Xalq Maarif Komissarlığı da bu məqsədlə orijinal mətn əldə etmək istədi və istəyinə nail oldu... * * * Mən “Almaz” ssenarisini nə üçün yazdım? “Almaz” ssenarisini tərtib etməyə məni vadar edən səbəblər aşağıdakılardan ibarətdir: Pedaqoji texnikumunu, mamalıq kursunu və başqa məktəbləri bitirən qızların qəzalara gedib hökmən orada işləməsi məsələsi son illərdə bizdə ən kəskin məişət məsələlərindən biri olmuşdur. Varlı və ziyalı ailələrindən olan qızlar işləməyə ehtiyac hiss etmədiklərinə görə, qəzalara getmək istəmirlər. Onların qohumları və ya tanışları, xüsusən, qız özü gözəl olduqda və ya gözəl bacısı və ya rəfiqəsi olduqda onların qəzaya getməməsinə kömək edirlər. Qız məktəbi qurtardıqdan sonra ərə gedir və cavan ər, yaxud cavan arvad, yaxud hər ikisi bir-birlərindən ayrılmaq istəmirlər. Nəhayət, ən maraqlı və mühüm cəhət budur ki, qızını könülsüz olaraq oxumağa buraxan dindar atalar, yaxud belə qızların meşşan fikirli ərləri və ya nişanlıları heç bir vəchlə qızın qəzaya gedib işləməsinə razı olmurlar. Bunun da nəticəsində, ciddi toqquşmalar əmələ gəlir... Bəzi qızlar xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyərək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büsbütün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiyyətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar... ...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır. Bundan əlavə, birlikdə götürülən bütün bu məsələlər bizdə köhnə yaşayışa qarşı yeni, işıqlı mədəni kollektiv həyat uğrunda mübarizənin necə başladığını və getdiyini də təsvir etməyə çox kömək edir. “Almaz” ssenarisini tərtib etməyə məni vadar edən mülahizələr, əlbəttə, ümumi şəkildə təqribən bunlardan ibarətdir. * * * “Əfqanıstan” pyesi üzərində işləyirəm Azərbaycan ilk illərində türk teatrı əsasən tərcümə ədəbiyyatla qidalanırdı. Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi. İldən-ilə gənc türk dramaturqları teatrın ətrafına toplaşmağa başladılar. Onların pyesləri tez-tez teatrın səhnəsində tamaşaya qoyulmağa başladı və birdən-birə böyük şöhrət qazandılar. İndi türk dramaturgiyası qarşısında azad yaradıcılığın geniş yolu açılmışdır. Bizdə, sovet ölkəsində dramaturq-yazıçının geniş fəaliyyət meydanı vardır ki, bu, dünyanın heç bir ölkəsində, heç bir yerdə yoxdur. Klassik ədəbiyyatın nümunələrini tənqidi nöqteyi-nəzərlə istifadə edərək, ədəbi keçmişdən ən yaxşı və qiymətli cəhətləri götürərək, mən səy edəcəyəm ki, “formaca milli” əsər yaradım. Azərbaycan xalqının nəhəng mübarizəsinin qəhrəmanlığını əks etdirərək, mən geniş əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram. Bu formalar vardır, onlar parlaqdır, əlvandır, onlar ana qanı ilə südünə hopmuşdur, milli dramaturq yalnız onlardan istifadə etməklə, onların vasitəsilə yeni ideyalarını verə bilər. Hal-hazırda mən “Əfqanıstan” adlı yeni pyes üzərində işləyirəm. Pyesin adı şərtidir. Pyesin əsasına konkret məkan qoyulmur, onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır. “Əfqanıstan” cari teatr mövsümündə tamaşaya qoyulacaqdır. Keçən illərin timsalında, bu il də mən teatr üçün ədəbi işimlə yanaşı olaraq, teatrın əməli işinə qoşulmuşam. Hər bir dramaturq rejissor olmalıdır, hər bir dramaturq teatrın qanunlarını əməli öyrənməlidir. Dramaturq teatrın əsas problemini – möhkəm mübarizlər və coşqun adamlar tərbiyə etmək problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər. * * * “1905-ci ildə” tamaşası haqqında “1905-ci ildə” əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir. Mən Gürcüstanda, Ermənistanda və Dağlıq Qarabağda olduğum zaman bütün millətlərə mənsub olan adamlara rast gəldim. Mən köçərilərə təsadüf etdim. Sürünün yanında bir türk qadını yürüməkdə idi. O, çadrasız idi. Bir dəfə də başqa bir qadına rast gəldim. Bu, erməni qadını idi. Bu da tamamilə birinci qadın geyindiyi kimi geyinmişdi. İlk nəzərdə bunları bir-birindən ayırmaq çətin idi. Bütün bu xalqların ev əşyaları, kənd təsərrüfatı alətləri, adətləri, nəğmələri və rəqsləri bir-birinin idi. Əslində bu iki xalq vahid bir xalq təşkil edir. Öylə isə bəs bu xalqları uzun müddət qanlı vuruşmalara nə məcbur etmişdir? Bu məsələni dərindən öyrənməyə başladım. Beləliklə, kütlənin nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə bu iki qardaş xalqı birbiri üzərinə salışdıran rus çarizminin kolonizasiya siyasətini göstərən bir pyes üzərində işləmiş oldum və 1905-ci ili bu milli vuruşma üçün bir fon seçərək “1905-ci ildə” əsərini yazdım. Pyes üç ildən bəri türk səhnəsində oynanılmaqdadır. Bu il də mədəni səhnələrdən biri hesab etdiyim Bakı Qızıl Bayraqlı İşçi Teatrosunda göstərilməyə başlamışdır. Teatro kollektivinin əsərə ciddi yanaşması məni sevindirir, mən “Sevil” tamaşaya qoyularkən böylə ciddi bir əlaqəni görməmişdim. Pyesin ruscaya tərcüməsi və Bakı İşçi Teatrosunda pyesin nə cür anlaşılması haqqında bir neçə kəlmə söyləməliyəm. Baxşı obrazını mən seminarist, ziyalı şəklində vermişəm. İnqilabi hadisələr onu dəyişdirir, onu gah bu və gah digər inqilabi lagerə sövq edir. Axırda isə o terrorluq yoluna düşərək qubernatoru öldürür. Mən onu bir ortodoks bolşevik kimi verməmişəm. Bu terrorluq aktı hər hansı şəkildə verilmiş olsa da, tamaşaçıların hüsn-rəğbətini qazanacaqdır. Bakı Işçi Teatrosunun etdiyi kimi, bu terrorluq aktını daşnaklara tapşırmaq tarixi cəhətcə doğru olsa da, bədii cəhətcə doğru deyil və mürtəce əks-inqilabçı daşnak firqəsinə qarşı lazım olmayan təsir verəcəkdir. Generalı gürcü etmək tarixçə doğru olsa da, bədii cəhətcə bir o qədər münasib deyildir. Çünki bədii əsər tarixi faktların adi fotoqrafı deyil və olmamalıdır. “1905- ci ildə” general rus çarizminin kolonizatorluğunu təmsil edən tipik bir simadır. O, Bakıda gürcü, Tiflisdə rus, Xarkovda daha başqa bir millətdən olmuşdur. İndiki halda gərək Hindistanda, gərək Avstraliyada, Misirdə və başqa koloniyalarda imperializmin başlıca siyasəti “vuruşdur və ağalıq apar” şüarı altında yürüdülür. Ona görə də tarixçə gürcüdür – deyə mütləq generalı gürcü etmək hər halda məcburi deyil və lüzumsuzdur. Nəhayət, tamaşanın bitirilməsi də mənim fikrimcə əvvəlkindən daha bədbinləşdirilmişdir. Bolşevik təşkilatının dağıdılması ilə mübarizənin bitmədiyini, inqilabın qüvvəsinin sona qədər əzilmədiyini göstərmək çətindir və bu pyesin ümumi kompozisiyası ilə də uyğun gəlməyir. Mən heç vəchlə pyesdə olan səhvlərimin üstünü basdırmaq istəməyirəm. Hər bir canlı işdə olduğu kimi, burada da səhvlər vardır. Mən pyesin üzərində cərrahlıq əməliyyatı yapılmasına da zidd deyiləm. Lakin bu əməliyyatın pyesin əsas süjetini pozmamasına artıq diqqət etmək lazımdır. Bakı Qızıl Bayraqlı İşçi Teatrosunun böyük teatro studiyasına etimad bəsləyərək, teatronun tamaşanı öz səhnəsi yüksəkliyinə qaldıracağına heç şübhə etməyirəm. * * * Böyük vəzifələr uğrunda Firqənin aprel qərarından sonra həyatımızda dönüş olduğuna şübhə yoxdur. Bunu bugünkü qurultay və buradakı çıxışlar da göstərir. Lakin firqənin həyatımızda dönüş yaratmağa səbəb olan bu qərarının layiqincə həyata keçirilməsi, ondan yazıçıların istifadə etməsi haqqında bir o qədər də çox iş görülməmişdir. Bu gün yazıçıların sıralarının artması, yeni yetişən gənclərimizin qələm götürməsi təşkilat komitəsini daha çox işləməyə məcbur edir. Halbuki gənc qələmlər sahibsiz kimi qalmışlar. Onlar arasında kifayət qədər iş aparan yoxdur. Bir çox dramaturqlar teatra və sair yerlərə müraciət edirlər, təşkilat komitəsinə getmirlər. Çünki təşkilat komitəsində elə adamlar yoxdur ki, bu dramaturqların əsərlərini oxuyub, onlara yol göstərsinlər. Gənc kadrlarımızı, gənc yazıçılarımızı tərbiyə edə biləcək iki mühüm amil vardır. Biri nəşriyyat, o biri isə mətbuatdır. Əvvələn, bunu da deyək ki, mətbuatda çıxan tənqidlərimizin keyfiyyətini burada yoldaşlar göstərdilər. Bunun biri də Rəfilinin özüdür. Bir də görürsən ki, ədəbiyyat qaldı bir tərəfə, gedir Qliyerdən tənqid yazır, musiqidən tənqid yazır. Halbuki özü iki notanı yaza bilmir. Mən demirəm ki, Qliyeri tənqid etmək olmaz, olar, lakin Qliyeri tənqid edən heç olmazsa musiqini anlamalıdır. Odur ki, bu gün bir yolla, sabah başqa yolla gedəndə dolaşırlar. Ədəbiyyatı yüksəltmək üçün çalışmaq lazımdır. Mən bir məsələ haqqında dəxi danışmaq istəyirəm. “Ədəbiyyat qəzeti” yazıçı kadrlarının rəhbəri olmalıdır və bu məsələdə “Ədəbiyyat qəzeti”nin hər bir işi düzgün olmalıdır. Ancaq biz görürük ki, “Ədəbiyyat qəzeti” düzgün və müntəzəm çıxmır. Təşkilat komitəsi bu məsələyə fikir verməlidir. “Ədəbiyyat qəzeti” vasitəsilə bizdə yetişən və böyük qüvvət təşkil edən yeni yazıçı kadrlarına kömək etmək lazımdır. Köhnə yazıçılar məsələsinə gəldikdə, tənqidçilərin köhnə yazıçılara yanaşması haqqında vaxtilə Ruhulla yoldaş bir misal göstərmişdi. Bizim klassiklərə də Ruhullanın göstərdiyi kimi belə yanaşılmalıdır. Klassiklər haqqında tənqidçilər çox xırdaçılıq etməməlidir... Biz indiki quruluşumuzu bütün dərinliyi ilə bərabər mənimsəməliyik. Madam ki, mən özüm bu quruluşumuzu hiss edə bilmirəm, onda nə cür də mən quruluşumuz uğrunda mübarizə edən qəhrəmanı verə bilərəm. Odur ki, indiki quruluşumuzun qəhrəmanlarını hiss etməli, onları bütün dərinliyi ilə mənimsəməli və öz əsərlərimizdə əks etdirməliyik. Mən bu qəhrəmanları hiss edirəm və olanı yazıram. Mən də vaxtilə görə bilmirdim, hiss edə bilmirdim. Lakin indi görməyə, hiss etməyə çalışıram, mən də görürəm. Şura yazıçısı öz yaradıcılığını, hərəkət təmayülünü indiki həyatdan almalıdır. Mən Vətənimin əməkçi xalqının gələcək səadətini təminedici əsərlər yaza bilərəm, yazacağam da. Lakin bununla bərabər, yenidən qurultaya, yenidən yetişməyə can atan, lakin həyatın dərinliyini tezliklə qavraya bilməyən bəzi yazıçılar da vardır. Onlar üçün də Azərbaycan Şura təşkilatı bu şəraiti dəxi nəzərdən qaçırmamalıdır ki, indiki quruluşumuzu görməyə istedadı olan və onu görməyə çalışan və hazırkı quruluşumuzda iştirak etməklə öz yardımını göstərməyə çalışan yazıçılara müəyyən şərait yaratmaq, kömək etmək, əldən gələn heç bir şeyi əsirgəməmək lazımdır. * * * == Cabbarlı – Pyeslər == Nəsrəddin şah -5 pərdə 7 şəkildən ibarət tarixi pyes** İştirak edənlər M i r z ə R z a K i r m a n i G ü l z a r – Mirzə Rzanın qızlığı. N a d i r – Mirzə Rzanın oğlu. S i t a r ə – Mirzə Rzanın qızı. F ə r h a d – Mirzə Rzanın qardaşı oğlu. N ə s r ə d d i n ş a h R ə h im xan C a v a d xan M ə h ə m m ə d xan Mirzə Saleh Mirzə Sadıq xan Mirzə Təqi xan Mirzə Ağa xan C ə m a l ə d d in Əfğani – fədailər başçısı. Mirzə Mülküm xan M ə m i ş K a z im – fədailər. M e h d i İ b i ş Hə s ə n Q u l a m Molla Sübhan S a l m a n – Mirzə Rzanın kəndlilərindən. Mirzə Ələsgər xan B i r i n c i ş i k a y ə t ç i İ k i n c i ş i k a y ə t ç i F ə r r a ş F ə r r a ş l a , k ə n d l i l ə r , ə r i z ə ç i l ə r və başqaları * * * Od gəlini -21 şəkildə pyes** İştirak edənlər B i l ə g ə n l i E l x a n A q ş in S o l m a z Ə b u Übeyd – Azərbaycanda ərəb valisi. A l t u n b a y R ə b i T u r ğ u t Q o r x m a z D ö n m ə z T o ğ r u l G ü l g ü n A l t a y İ l d ı r ı m S ö n m ə z Y a n a r d a ğ O d d a m d ı E l ç i – Bizans elçisi. X a l q Ə r ə b q o ş u n l a r ı * * * Sevil -4 pərdəli pyes** İştirak edənlər S e v i l B a l a ş G ü l ü ş A t a k i ş i B a b a k i ş i M ə m m ə d ə l i b ə y Ə b d ü l ə l i b ə y D i l b ə r T a f t a G ü n d ü z * * * 1905-ci ildə thumb -17 şəkildə pyes** İştirak edənlər Q o c a B a x ş ı – köhnə işçi G ə n c B a x ş ı – komsomolçu G ə n c S o n a – komsomolçu qız S a l a m o v Ə m i r a s l a n b ə y – mədən sahibi A ğ a y a r – onun əlaltısı B a h a d ı r b ə y – millətçi intelligent A ğ a m y a n – erməni kapitalisti, mədən sahibi H a y k a z – onun oğlu, zabit məktəbi tələbəsi Q u b e r n a t o r – Bakı general-qubernatoru M a r i y a T i m o f e y e v n a – onun arvadı A l l a h v e r d i Ə s r i y a n – Qarabağ kəndlisi (erməni) N a b a t – onun arvadı E y v a z – onun oğlu, inqilabçı-işçi S o n a – Allahverdinin qızı I m a m v e r d i – Qarabağ kəndlisi (azərbaycanlı) G ü l s ü n – onun arvadı* B a x ş ı – onun oğlu V o l o d y a – inqilabçı-işçi İ s a k A r ş a k A r a m M u r a d, M a k s i m o v işçilər B a x m e t y e v İ ş ç i S ə m ə d K a r a p e t A x u n d K e ş i ş P o l i s m e y s t e r Q r a d o n a ç a l n i k K ö m ə k ç i – Qarabağ uryadniki M ə h k ə m ə s ə d r i P r o k u r o r M ə h k ə m ə p r i s t a v ı İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar. * * * Almaz -5 pərdəli 7 şəkilli pyes** İştirak edənlər A l m a z – müəllimə, 18 yaşında X a n ı m n a z – onun anası, 42 yaşında F u a d – Almazın nişanlısı, 23 yaşında T e m u r t a ş – doktor, 32 yaşında C a m a l – müəllim, Fuadın dostu, 22 yaşında M i r z ə S ə m ə n d ə r – məktəb müdiri, 43 yaşında B a r a t G ü l v e r d i komsomolçular A l l a h v e r d i – qoca kəndli, Baratın atası S ü r m ə – məktəbli qız, 10 yaşında A f t i l – yoxsul kəndli, 40 yaşında Y a x ş ı – kəndli, 22 yaşında B a l o ğ l a n – kənd şurası sədri, 30 yaşında Ş ə r i f – onun katibi H a c ı Ə h m ə d – maskalı qolçomaq, 50 yaşında İ b a d – qolçomaq quyruğu, Yaxşının qaynı, 30 yaşında B a l a r z a – varlı kəndli, 43 yaşında G ü l x a n ı m – onun arvadı, 26 yaşında O c a q q u l u – kəndli, 65 yaşında K ə r b ə l a y ı F a t m a n s a – mamaça, 65 yaşında P r o k u r o r Komissiya üzvləri, kəndlilər, kəndli qadınlar, gənclər, uşaqlar. * * * Dönüş -Pyes 11 şəkildə** İştirak edənlər G ü l s a b a h – Moskva teatr məktəbini bitirib Bakıya gələn gənc aktrisa Z a m a n, S a p a n – Bakı teatr aktyorları. Ə m r u l l a – teatrın müdiri, irəli çəkilən. Ə l i m u r a d – aktyor və yerli komitə sədri. İ l y a s – siyasi rəhbər. X u r ş i d, A s y a – aktrisalar Ə l i m u x t a r – özündən yetişmə rejissor. B a y r a m – məktəb bitirmiş gənc rejissor. Ş ö v q i – rejissor köməkçisi. A r i f H i k m ə t – Moskvada oxumuş aktyor. M i r z ə C a m a l, X o s m ə m m ə d – qoca aktyorlar. Q ü d r ə t A r s l a n – məşhur dramaturq. Ö t g ü n – gənc dramaturq, tələbə. Q ə m ə r – qoca şəriət müəlliməsi, hərdən rus dilindən də dərs verirmiş. G ü l ə r – onun gənc qızı, məktəbli. T u r a c – Qüdrət Arslanın arvadı, savadlı gənc qadın. M ü n ə v v ə r – gənc səhnə həvəskarı. Ə l a b b a s – teatrın kuryeri. D a ş d ə m i r – konkurs komissiyasının sədri. T u t u – Qüdrət Arslanın qızı 4 yaşında. S t a r o v e r o v – teatrın rəssamı. E l d a r – fəhlə. X u d a y a r, M o l l a R ə h m a n, Ə b d ü l – 11-ci şəkildəki səhnəcikdə iştirak edən kəndlilər. 5-ci şəkildə iştirak edən Hikmət Kamal və Fikrət Kamal yazıçıdırlar. Kamal Fikri isə "münəqqiddir". Kütləvi səhnədə iştirak edənlər: yazıçılar, münəqqidlər, aktyorlar və tamaşaçılar. Kütlədən başqa 25 nəfər aktyor da iştirak edir. * * * Yaşar -Pyes 4 pərdə, 8 görüşdə** İştirak edənlər Y a ş a r T o ğ r u l gənclər, injener-laborantlar T a n y a B e l o k u r o v – professor I v a n o v – professor V a s i l y e v – aspirant M e d v e d y e v – aspirant İ m a m y a r – kolxoza soxulmuş qolçomaq N i y a z – Imamyarın qardaşı, kolxozçu Y a q u t – Niyazın qızı N i g a r – Niyazın evində bir qız N ü s r ə t – kolxozçu, kənd soveti sədri Ə m i r q u l u – kolxozçu Ş ə r ə b a n ı – onun arvadı T ü r b ə t M i r s ə q u l u } kolxozçular Ə l i v e r d i H ə s ə n S ə f ə r P r o k u r o r M ü d a f i ə ç i F ə h l ə v ə k ə n d l i l ə r * * * Kitabxana.az · https://kitabxana.az/authors/cabbarli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.