Çoban Əfqan. Əsərləri Çoban Əfqan (1866–1924) == Qoşmalar == Ağlaram Gəlib gəlməyəli bu cahana mən, Biçarə Kərəmdən betər ağlaram. Kimi şeyx olubdur, kimi məşədi, Bizə də muzdurluq çatar, ağlaram. Çoxdur mənim kimi dərdə tutulan, Heyvan kimi heyvanlara qatılan. Varlılar alandı, biz də satılan Ünüm asimana yetər ağlaram. Bir adil hökmdar tapıla hardan, Bizi azad edə bu zülmkardan. Coban Əfqan belə dərdi-azardan, Qəm-qüssə içində itər, ağlaram. 1916-cı il * * * Bağlama Əvvəl salam olsun, Şikəstə qardaş! Oxu, bu kağızın qarası nədir? Təbibimsən dəva elə dərdimə, Aç gör ürəyimin yarası nədir? Gecələr sübhədək asıllam dardan, Könül əl götürməz bu ahu-zardan. Ölləm, ayrılmaram vəfalı yardan, Axtar gör işlərin çarası nədir? Bir tuti dillidir, qaməti düzgün, Yanağı lalədir, baxışı süzgün. Fikirləş, çarə qıl bu işə gizlin, Əfqanın dərdinin davası nədir? * * * Belə bax Kazım ağa, niyə mat-mat baxırsan, Bizimkidir daha dövran belə bax. Yadındamı yorğanımı aldığın, Daha bəsdir, indi də sən ələ bax. Sürülərin axır oldu el malı, Talamağa gücün çatmaz mahalı. Bir az əvvəl geyinirdin al-şalı, Şirin canın üryan qaldı, elə bax. Altı nökər, bəs etmirdi həyətə, On ikisin saxlayardın pəyədə. Nə demişdin bizim yazıq Sayada, Di tap gətir, onda olan dilə bax. Çoban Əfqan indi olub xan Əfqan, Bu dövrana qurban eylər can, Əfqan. Gördün, düz deyibdir hər zaman Əfqan, Çörək üçün yaba, kürək, belə bax. * * * Bu dövran Gəlin, dostlar, gəlin şadlıq eyləyək, Bu dövrandı, mən dediyim bu dövran! Hər kəs əməyini öyüb dolansın, Bu dövrandı, mən dediyim bu dövran! Haraya gedirsən azaddır səsin, Daha boğazında qalmır nəfəsin, Bir dillə söyləyək: Lenin yaşasın, Bu dövrandı, mən dediyim bu dövran! İnsan çox qırıldı, çox töküldü qan, Axır üzümüzə güldü bu dövran, Deyin indən belə susarmı Əfqan, Bu dövrandı, mən dediyim bu dövran! 1920-ci il * * * Ey fələk Aman olsun, aman sənin əlindən Eylədin baxtımı qara, ey fələk! Neyləmişəm bu dünyada mən sənə Gəlmişəm doğrusu zara, ey fələk! Əziz günlər yar olmadı bizlərə, Evin uçsun, balan düşsün düzlərə. Özün söylə neyləmişik sizlərə, Çəkdin bizi hər vaxt dara, ey fələk! Bir dəfə sal barı haqqı yadına Yandı Əfqan cəhənnəmin oduna. Kimsəsi yox, barı çata dadına, Çox susadın namus, ara, ey fələk! * * * Əfqanın cavabı Bizdən salam olsun, o Mirzə cana Dastan tək olmağın mənası necə? Deməynənki onu deyən anlamaz Kitablarda varmı onunçün heca. Aslan Osmanlıydı, qarlı dağ aşdı, Gəldi burda düşməniylə dalaşdı. Təkcə olmaq bir Allaha yaraşdı – Həm gündüz xəlq edib, həm də ki, gecə. Şair sözün deməz heç mərəz üçün, Zaxotu yazmışam xaçpərəst üçün. Əfqan o dağlardan çox tutub laçın Tərlan ovun alar, olsa hər necə. * * * Dağların Əmimoğlu, bu naməni unutma, Yaman artıb kef-damağı dağların. Gün altında parıldayır çiçəklər, Lalələrdir şöy çırağı dağların. Ağamla etmişdim, Dilcana səfər, Mən piyada, ağam minmişdi kəhər. O qədər axmışdı üz-gözümdən tər, Nəm olmuşdu yol qırağı dağların. Mən dala qalanda acıqlanırdı, Nə tərimi görüb bir utanırdı, Nə də bu Əfqanı insan sanırdı, Dağılsın qoy belə çağı, dağların. * * * Danışaq Ağasının yolun gözləyən qardaş, İtlər yemək üçün yaldan danışaq. Götür çörək bişir itin unundan, Sonra getdiyimiz yoldan danışaq. Onun nə vecinə biz qalmışıq ac, Nökər ağasına olacaq möhtac. Tavamız paxırdır, deşilibdi sac, Ağamızda olan puldan danışaq. Bacarmırıq kəsib yeyək bir qoyun, Ağa başımıza gətirər oyun. Çoban Əfqan nə vaxt olacaq toyun, Səntək ölüm gəzən quldan danışaq. * * * Dilbər Ay qız, belə gəzib yıxma evimi, Telindən tel ayır sat mənə, dilbər. Sinəm nişanədir, ağrımaz bədən, Doyunca yay oxun at mənə, dilbər. Dua qılın, belə gözəl sağ olsun, Cilvələnsin tərlan quşdan ağ olsun. Həsrət ölsəm qoy sinəmdə dağ olsun, Hər nə tutursansa tut mənə, dilbər. Çoban Əfqan çox yanmışdır oduna, Nahaqq qan yamandır susama ona. Dağılsın kəndiniz qalsın virana, Əgər durub desən get, mənə dilbər. * * * Gəlir Müjdə verdilər ki, mənə el oğlu, Yarın gör nə işvə, naz ilə gəlir. Gah yeriyir, gah da dönüb boylanır, Xumar, xallı ala göz ilə gəlir. Dərdi deyim hansı qardaş, bacıya, Yanan tüstüm qalxır mənim bacaya. Yarım baxmaz nə cavana, qocaya, Vardır ürəyində söz ilə gəlir. Əfqan aşiqindir, nəzər sal ona, Qulac qollarını dola boynuna. Gölündən ayrılmış yaşılbaş sona, İtirib ördəyi qaz ilə gəlir. * * * Gəlib gedir Oyan baxtım, nə yatmısan bixəbər, Bax belə yerlərdən yaz gəlib gedir. Göllər üstə seyrə çıxmış sonalar Qatarlaşıb quba-qaz gəlib gedir. Qarışıbdır bir-birinə qoyun, mal, Köç yeriyir tozlu yolla dalbadal, A bu dünya, görüm səni viran qal, Səndən üzü gülən az gəlib gedir. Pristav da Xan bulağı qoruyur, Divan kəsir, haqq-nahaqq yarıyır. Coban Əfqan bu zülmətdə qarıyır, Kim deyir ömrümüz saz gəlib gedir. * * * Görünmür O çarxı fələkdən şikayətim var, Çünki onda bir ədalət görünmür. Verib ağaların əlinə bizi, Çəkdiyimiz ağrı, zillət görünmür. Bu necə əyyamdır, necə zamandır? Ürəklər qan ağlar, Allah amandır! İşləyən rəiyyət, keyf çəkən xandır, Ağlayana bir inayət görünmür. Çoban Əfqan yazır dastan, a dostlar? Bax bu qəmdən, bax bu yasdan, a dostlar! Haradadır şiri Aslan, a dostlar! Onda olan zor, şücaət görünmür. 1914-cü il * * * Filankəs Nə zamandı yar həsrətin çəkirəm, Sığal verir qaşa, gözə filankəs. Dilin şəkkər, dodaqların qaymaqdır, Üzün bənzər oda, közə, filankəs. Əndamın bənzətdim dağlar qarına, Gözüm düşüb ağ sinənin narına, Gözəl olan soyuq baxmaz yarına, Gəl söykəyək üzü-üzə, filankəs. Sən Əfqanın əhvalını biləydin, Şad oluban bir üzünə güləydin, Dur gedək deyibən yaxın gələydin, Dərdləşəydik gəzə-gəzə, filankəs. * * * İnciməzmi Ləzzət çəkin, kef də görün, a bəylər, Sizə qulluq edən ac, inciməzmi?! Sizin evinizdə buğda çörəyi, Bizdə darı bişir, sac inciməzmi?! Sizin libasınız İran kişmiri Bizim libasımız dəridir, dəri! Bizim arvad quldur, sizinki pəri, Ondan alırsınız bac, inciməzmi?! Xoşuma gəlməyir bu qurğu, busat, Çünki qəlbim olub çoxdan narahat. Ellərin üzünə gülməyir həyat, Əfqan, insan olan heç inciməzmi?! * * * Məna nə Sən olan yerlərdə, a Püstə xanım, Kəklik nədir, turac nədir, sona nə? Geyib libasını cölə çıxanda, Biz çobanlar yüz yol baxsa, məna nə?! Dodağın püstədir, saçların çin-çin, Dilin zəhirmardı, nökərlər üçün. Nə var ki, üz tutur dağ sarı köçün, Ətir verir gül bədənin, nanə nə! Səhər tezdən bulaq üstə yenəndə, Gözüm qalır nar yetirən sinəndə. Saymayırsan Çoban Əfqan dinəndə, Söz deyəndə deyirsən ki, mənə nə? * * * Müsəllim Səni kişi bilib dərdimi dedim, Etmədin dərdimə çarə Müsəllim. Dedim əlac ola bəlkə bu qəmə Vurdun yara üstdən yara, Müsəllim. Gedib ağalara bildirdin sözü, Qoydurdun sinəmə atəşi, közü. Səntək kişilərin kor olub gözü, Seçilmir ağ ilə qara, Müsəllim. Çoban Əfqan, söz deməyə yox əlac, Yoxsullar qalıbdır çörəyə möhtac. Ağalar başına qoyubdular tac, Od vurublar bu diyara, Müsəllim. * * * Kənarında Bugün bir gözəlin seyrinə vardım, Əlində şanəsi tel kənarında. Qıvrım-qıvrım, dəstə-dəstə, çinbəçin Əfsanə telləri bel kənarında. Qapına gəlmişəm sayılam-sayıl, Haqq verən paylara mən oldum qayıl. Sağına, soluna heykəl hamayıl, Qızıl bilərziyi qol kənarında. Qapına gəlmişəm dərdsiz-mazaram, Davasız dərdinə dərman yazaram. Mən ovçuyam öz yarımı gəzərəm, Onunçun durmuşam yol kənarında. Yar bağından mən gül-çiçək dərmədim, Dərib onu pünhan yerə sərmədim. Əfqan deyər dünya gəzdim, görmədim, Səni kimi sona göl kənarında. * * * Kiminkidir İllər boyu işləyirik yalavac, Görən həddən aşan var kiminkidir? Zəhər olsa içib ölmək istərəm, Bağban da soruşur, bar kiminkidir? Kiminin əlində yoxdur əlacı, Kimi molla olur, kimi də hacı. Kimi üzü qara çörək möhtacı, Sədası aləmə car kiminkidir? Bürüyüb hər yeri bəylərin malı, Qazaxda qururlar cahı-cəlalı. Əfqan, yaman keçir ellərin halı, Düşüb yandığımız nar kiminkidir? * * * Kimindir Səndən xəbər alım, ay Çoban Qara, Bu var, dövlət, qızıl pullar kimindir? Kim çəkir bu fani dünya keyfini, Bu əziyyət çəkən qullar kimindir? Gəlib gəlməyəli biz bu cahana, Nökər olduq gah ağaya, gah xana. Evdə uşağımız həsrətdir dona Bəs ətlazlar, üstəgüllər kimindir? Xoş gəlmir bizlərə bu qanlı dövran, Alır da, satır da insanı insan. Dözmür bu dərdlərə heç Çoban Əfqan, Bizə nə var, bu xoş illər kimindir?!. * * * Kimdir Bizdən salam olsun, o Mirzə cana Əzəl çobanlığın binası kimdir? Söz verdi, söz aldı Turi Sinada, Cəmi çobanların anası kimdir? Getdi Tur dağında söylədi kəlam, Haqdan nida gəldi verdilər salam. Elə kimsənənin mən qulu ollam, Behişt əylərinin sonası kimdir? Cəbrayıl vəh gətdi bağışla, Musa! Dedi çox qovmuşam əlimdə hasa. Çarmıxa çəkildi Həzrəti İsa, Götdülər qeybdən xilası kimdir? Harun da vermədi xumsu-zəkatı, Açdılar başına olmaz həkatı. Yer çəkdi kamına bir məmləkatı Cəhənnəm oduna yanası kimdir? Mirzə, pənah gətir o peyğəmbərə, Döndər xəyalını məscid, minbərə. Şahimərdan ağa qulu Qəmbərə Gör Çoban Əfqanın ağası kimdir? * * * Qoymayır Üç ayda bir dəfə gəlirəm evə, Arvad söz eşitmir, uşaq saymayır. Nə yorğan-döşək var, nə də duz-çörək Çılpaq körpələrin qarnı doymayır. Xanım gündə üç yol plov döşəyir, Keflənib bizi də kötəklə döyür. Çörək istəyəndə itil get deyir, Deməyəkmi dərimizi soymayır?! Sənin adın vardır ay Çoban Əfqan, Görmədin ömründə pay, Çoban Əfqan. Gündə döyür səni bəy, Çoban Əfqan, Dəyənəyi bir əlindən qoymayır. * * * Namə gəlibdir Dostum yenə salam-dua göndərib, Xublar məclisindən namə gəlibdi. Bu dərdimin mindən biri azalmaz, Mənə gələn deyin kimə gəlibdi. Yenə də qaynayır sərin bulaqlar, Keçir xəyalımdan ötən o çağlar. Niyə kimsəsizdir bizim bu dağlar, Ondan ötrü könlüm qəmə gəlibdi. Bir ağ gün görmədik fani fənada, Çoban Əfqan verdi ömrünü bada. Dövran varlınındır başdan dünyada, Kasıb niyə bu aləmə gəlibdi? * * * Sənə söyləyim Gəl sənə söyləyim Şikəstə qardaş, Borcumuzdur zəmanəyə söz demək. Nə satan utanır, nə alan qanır, Hər kəs istər öz mətahin bezdəmək. Bu nədir şubalar indi kürk olub, Buxara papaqlar keçə börk olub. Hərəsi üç löyün, iki tərk olub Daha yoxdur yaxşı yaman, gözləmək. İyirmiyə allıq qılın putunu, Bir daha görmürük erkək ətini. Çox cəfadır hər kəs çəksə tütünü, Əlac budur: maxorkanı duzlamaq. Aləmdə hamımız bərabər olluq, Hərcayı sözlərdə dilavər olluq. Sahibkar danlasa günahkar olluq Nə lazımdır qananları bizləmək. Çoban Əfqan olub uşağa yoldaş, Qismət olmur niyə bizlərə bozbaş. Bahalanıb düyü, heç tapılmır maş Heç olarmı belə dərdi gizləmək. 1918-ci il * * * Sənsən Başına döndüyüm gül üzlü yarım, Bizim bu dağların maralı sənsən. Keçirdin sinəmdən yaman oxları, Cəsədim eyləyən yaralı sənsən. Qara tellərinin şanası sarı, Əmərəm ləbindən versən nübarı. Üzünü sən məndən döndərmə barı, Onsuz da dolanan aralı sənsən. Bağbanam bağçanda bar olan vaxtı, Sinəmin üstündə nar olan vaxtı. Əfqanın əlində var olan vaxtı, Deyərdin ki, səbri-qərarı sənsən. * * * Şikəstə qardaş Qulaq as sözümə Şikəstə qardaş, Arzu etdim, arzum yerin almadı. Namərdin oxundan dəyən yaralar, Nə öldürdü məni, nə sağalmadı. Qovr edir yaralar incidir məni, Gəzib dolaşmışam neçə ölkəni. Yoxdur bu dərdimin, yoxdur dərməni, Fikirlər sərimdən heç azalmadı. Mən dərdliyəm yar əlindən, ay Əfqan, Namus, qeyrət, ar əlindən ay Əfqan. Bu zülmkar çar əlindən ay Əfqan, Qırıldı el oba, bir kəs qalmadı! * * * Paravozlar vaqonları yeritmir Paravozlar vaqonları yeritmir! Daş kömür qurtarıb, onu da yetmir. Milyonçu kişilər Moskova getmir Bilməzlər xas malın arşını neçə. Bəs hanı Moskovda bağlanan yüklər, Mahallara talan salıb cülüklər, Qarət oldu kəntlər, oddandı mülklər Bir hakim yoxdur ki, qandırsın bicə. Xurcunlarda gəlir indi malımız, İndən belə necə keçər halımız? Erməniynən kəsmir qeyli-qalımız İslam əsir düşdü, çörək ver aca. * * * Yandırır Bağlayıram gözəllərə dastanı, Yar atəşi şirin canı yandırır. Sərraf olan lələ qoyar qiyməti, Göz görəndə din-imanı yandırır. Qara tellərinə ətirlər vurur, Gizlincə dayanır, daldada durur. Gözə qorux yoxdur, çıxanda görür, Bir baxışı min cavanı yandırır. Bazarı Yusifin böyük bazarı, Artırır ürəkdə dərdi, azarı. Sinədə bəslənən Hindistan narı, Əfqan kimi binəvanı yandırır. * * * Yaradan səni Halal olsun bu qamətə, bu boya, Nə gözəl yaradıb yaradan səni. Sənə bədnəzərdən dəyməsin xəta, Qoy Allah saxlasın bəladan səni. Bilməm günəş deyim, yoxsa ay sənə, Məncə bu dünyada yoxdu tay sənə, Gözəlliyi xuda verib pay sənə, Əziz tutub bəydən, paşadan səni. Camalın oxşatdım dağlar qarına, Gözüm düşüb ağ sinənin narına. Gözəl olan belə baxmaz yarına Ovçuyam qoymaram bərədən səni. İnsaf elə hərdən Əfqanı güldür, Gözünün yaşını amandı, sildir. Qapında qul saxla, ya da ki öldür, Unutmaram xeyir-duadan səni. * * * Yaz Əziz dostum, nə düşübsən üstümə, Bizim əyri-donqar bəylərdən də yaz. Doğru sözdən qanmayana nə fayda, Eşşəyə də min kötək vur, kar aşmaz. Onlarınkı odur salasan dama, Saman yedirdəsən sübhü axşama. Üç gündə bir dəfə verəsən xama, Kimi bihuş ola, kimi də nasaz. Yerdə qalanlara çəkdirəsən cüt, Verəsən əlinə bir dənə də küt. Bəlkə onda bilə bu it oğlu it, Kimlərə qış olur, kimlərə də yaz. Çoban Əfqan görmək istəmir bəyi, Nə də əlindəki boz dəyənəyi. Yoxsula da çatar haqqın köməyi, Qalmaz o da bu dünyada bimuraz. * * * Vay deyə Ağanı öldürdü qaçaqlar bu gün, Ağla altı aylıq haqqım vay, deyə. Altı ay da bundan sonra işlə ki, Uşaq ağlamasın çörək, çay deyə. Kimə nə, haqqını almayıb çoban, Evi ac, özü ac düşüb tavandan. Kasıbdan da iyid varmış ay oğlan, İyid odur, doğru sözü say, deyə. Əfqan da qəmlidir mərdanələrçün, Ürək sözün demir dürdanələrçün. Durmayıb tez gedin bir qoyun seçin, Ağa matəmində çəkək şişliyə. * * * Vədəsində Qədir mövlam, aman vermə dumana, Buyurur dağları köç vədəsində. Yağış yağar al-qumaşlar islanar İncitmə gözəli köç vədəsində. Üstündən yeriyir Qazax elləri, Dal gərdənə töküb siyah telləri. Gümüş kəmər, çox sıxırsan belləri, İncitmə gözəli köç vədəsində. Gözəl, sənin o gözlərin piyala, Əfqanı salmısan yüz min xəyala, Açılıb kalağay, boynuna dola, İtirmə hayıfdır köç vədəsində. * * * Vəfasız xanım Eşqi, məhəbbəti unudan xanım, Nə qəsd edib yara vurdun Əfqana. Əzəl özün dedin, gətirdim pənah, Sonra niyə kənar durdun Əfqana. Siman hurilərin gülüş misalı, Camalın bir anda dindirər lalı, Ağlını başında görürəm xali, Hüsnünləmi kələk qurdun Əfqana? Səninlə mən ilqar qatmaram inan, Xanə-xarablarda nə əhdi-peyman! Eşşəyə yaraşar o qulan,quşqan Baxan kimi tez qudurdun Əfqana. * * * == Cığalı qoşma == Saraltdın məni Bir gül idin bitmiş idin bağçada Vermədin bir dənə saraltdın məni. Mən aşiqəm bu bağa, Bu bağçaya, bu bağa, Sən bir ətirli gülsən, Mən bağbanam bu bağa. Alnını, üzünü, həm dodağını, Görməyə qoymadın saraltdın məni. Mən səni sevmişəm bağçacan, barcan, Sən məni sevmədin bir dənə narcan. Mən aşiqəm mehriban, Bülbül gülə mehriban, Hər kəslə küslü olsam, Sənə ollam mehriban. Çəkib həsrətini qaldım yarıcan, Ölməyə qoymadın saraltdın məni. Mən səni sevəli gör neçə ildi, Qaşların çevrəsi bir dəstə güldü. Mən aşiqəm bir dayan, Sən bir yeri, bir dayan, Çox yanmışam oduna, Deyirsən ki, bir də yan... Mənimlə danışan o dadlı dildi, Ötməyə qoymadın saraltdın məni. Yazıram bu şeiri yazın əzəli, Tökülsün üstünə gülün xəzəli. Mən gedirəm o yana, Bu dünyadan o yana, Bu dünya haram olsun, Öz yarından doyana. Əfqan unudarmı səntək gözəli, Ölməyə qoymadın saraltdın məni. * * * == Gəraylılar == Ayrıldım Müjdə deyin düişənlərə, Bu gün mən yardan ayrıldım. Öz ömrümün inçisindən, Dönlətdəi, vardan ayrıldım. Sellər kimi coşub daşdım, Hündür qayalardan aşdım, Öpdüm, qucdum, halallaşdım, Sinəsi qardan ayrıldım. Əfqan kəsdi gümanını, Haqq eləsin divanını, O satdı, öz imanını, Bietibardan ayrıldım. * * * Belə olmaz Ay ağalar, ay qazılar, Belə olmaz, belə olmaz! El malına tamarzılar, Belə olmaz, belə olmaz! Aləmə saldınız azar, Can alırsız, açıq-aşkar, Xalqı soyur qaraullar, Belə olmaz, belə olmaz! Kimisi cəlladtək qəsdə, Kimisi də kəmərbəstə, Döymə oğlu, ata üstə, Belə olmaz, belə olmaz! Yorqanı yox bürünməyə, Qörxur gözə görünməyə, Öyrənmişik sürünməyə, Belə olmaz, belə olmaz! İnsaflı ol, a hökmüdar, Çox da qolda qüvvətin var, Çoban Əfqan dözməz, ağlar. Belə olmaz, belə olmaz! * * * Get, səni gözüm görməsin Heyf mənim zəhmətimə, Get, səni gözüm görməsin. Sən nadanı adam sandım, Get səni gözüm görməsin. Öz yarından gen qaçansan, Əğyarlarla canhacansan, Var-dövlətə aldanansan, Get, səni gözüm görməsin. Əfqan eylər cənə nifrət, Görən bundan alsın ibrət. Sevdiyin də varmış xəlvət, Get, səni gözüm görməsim. * * * Gördük Məlum olsun əzizlərə, Bu yay günü nələr gördük. Kəndi soyan qaravullar, Şıllaq vurub gülər gördük. Haqqı-hesabı dandılar, Bilmədilər nə qandılar. El varıyla dolandılar, Qurtdan çoban olar gördük. Alsöyün! Əziz kimsənə, Duamız var hər vaxt sənə. İyidlikdə Kəsəmənə, Biz səni tək gələr gördük. Çoban Əfqan yazı bilməz, Riyakarlıq düzü, bilməz. Şair gizli sözü bilməz, Məclislərdə çalar gördük. * * * Katdalar Aman haramı katdalar, İnsafı görün arada. Nizam-tərəzi haqqıdır Nə deyərsiniz orada. Orada haqqı divan var, Pünhan işləri görən var. Peyğəmbər sirli-sübhan var, Sizi çəkərlər dara da. İstəmirik o məhmanı Dağıldı xalqın tifaqı. Çağırıram ər-rəhmanı, Özü otursun burada. Əzəl dünyanı yeyənlər Dünyada mənim deyənlər. Yüzlüklərə söyünənlər Bədsifət gedər gora da. Çoban Əfqan bu əhvalın Gör necə pozulur halın. Dağıdarlar öyün, malın Həsrət qoyarlar şora da. * * * Xoş gəlmisən Bu xoş gündə qədəm basıb Yarım, bizə xoş gəlmisən. Yenə məni yada salıb, Yarım, bizə xoş gəlmisən. Sıxıbsan nazik belini, Aç görüm cığa telini, Danış öpüm qoy dilini, Yarım, bizə xoş gəlmisən. Gül əkdim ellər bağında, Aşiqəm yar sorağımda, Ömrümün bu son çağında Yarım, bizə xoş gəlmisən * * * Kitabxana.az · https://kitabxana.az/authors/coban-efqan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1924). Public domain (author died 1924). Original text only.