Əli Razi Şəmçizadə. Əsərləri Əli Razi Şəmçizadə (1886–1939) Türklər Ol qoçaq iranlılar, Ol igit osmanlılar, Qılınclan qanlılar, Səhrası heyvanlılar, Milləti nadanlılar, Qırmızı fəsli türklər, Qara qotazlı türkler, Yekə ip papaqlılar, Cübbəsi büzməlilər Aləme səs saldılar, Məşrutəni aldılar. Bir-birini çaldılar, Qınlıb azaldılar, Uzanıb ucaldılar, Rüstəmdilər, Zaldılar, Qırmızı fəsli türklər, Qara qotazlı türklər, Yekə ip papaqlılar, Geyməsi büzməlilər. İstanbulda bir arvad Üzündən atıb çarqat, Polis görcək qalıb mat, Deyib: ay alçaq, bədzat, Üzə niqabını at. Arvadlar üçün heyhat Verə bilməz müsavat Qırmızı fəsli türklər, Qara qotazlı türklər, Yekə ip papaqlılar, Geyməsi büzməlilər. Məşrutə mərdan üçün Verildi oğlan üçün, Nəinki nisvan üçün, Molla və bəy-xan üçün! Nəinki dehqan üçün, Bir neçə nadan üçün! Qırmızı fəsli türklər, Qara qotazlı türklər, Yekə ip papaqlılar, Geyməsi büzmə tatlar. Hərçənd bu dünyada, Hətta ki, Avstriyada Müsəvat var arada, Həm kişi, həm arvada Eylə olmaz burada, Arvad matəmsəradə. Qırmızı fəsli türklər, Qara qotazlı türklər, Yekə papaqlı tatlar, Başı çanaqlı tatlar. Deyir: osmanlı, həm tat Hürriyyətü müsavat, Hüquqü ixtiyarat, Aıvadlan kənar at, Bunlar kişi üçündür, Verə bilmərik heyhat.. Qırmızı fəsli türklər, Qara qotazlı türklər, Yekə papaqlı tatlar, Çox qanacaqlı tatlar. Arvad məgər insandır? Üzü yoluq heyvandır, Saçı uzun bir candır, Ağlı gödək, nadandır, Arvad yeri zindandır, Di gəl bunlara qandır! Qırmızı fəsli türklər, Qara qotazh türklər, Yekə papaqlı tatlar, Kirli, pasaqlı tatlar. * * * Məsləhət Məşədi Sijimquluya cavab Sijimqulu, eyləmisən məsləhət, Utanma heç, gəl, səni evləndirim. Hyləmişəm istixarə yaxşıdır, Beş-on günə, gəl səni evləndirim. Məşdi Səfdər qızı sənə verməsə, Qızıl, gümüş, paltar, palaz istəsə, Toy xərcinə əgər gücün yetməsə, Düzəldərəm, gəl, səni evləndirim. Bir qız alım mən sənə tərlan kimi, Ahubaxış, işvəli ceyran kimi, Gözəl -göyçək, qönçeyi xəndan kimi, Tez ol durma, gəl, səni evləndirim. Saqqalına gecə həna bağlasın, Başın keçəl olsa, yusun, yağlasın. Kötəkləsən, uşaq kimi ağlasın, Qoy ağlasm, gəl, səni evləndirim. Her yan molla, nikahiniz müftədir, Əgər versən, təmənna bir küftədir, Çətinliyi sənə bircə həftədir, Xoşun gəlsə, gəl, səni evləndirim. Əgər yoxdu pulun, pul da taparam, O məhləyə, bu məhləyə çaparam, Sənə özüm bir pullu toy yaparam, Qəm eləmə, gəl, səni evləndirim. Yığışarlar toya hamı cavanlar, Kablayı, məşədi, həmi də xanlar, Mütriib oynar, hamı ləzzətin annar. Bax sözümə, gəl, səni evləndirim. Nedir bizlərdə çox balaca qızlar, Nəyə lazım otuz yaşlı Tükazlar? Allah özü çətin işləri sazlar, Dəxi durma, gəl, səni evləndirim. * * * Kitabxana.az · https://kitabxana.az/authors/eli-razi-semcizade İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.