Fazil xan Şeyda. Əsərləri Fazil xan Şeyda (1784–1852) == Qəzəllər == Dəyən bülbül pərinə daima gülzarsız qalsın Dəyən bülbül pərinə daima gülzarsız qalsın, Salan aşiqləri pərgardən pərgarsız qalsın. Hər əl əl ki urar şanə o geysuyi-pərişanə, Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın. Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə, Suali-həqq olanda, ey xuda, göftarsız qalsın. O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə, Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın. O çin-çin zülfi-pürçinin xəraci Çinü Maçinə Verə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın. * * * Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban, Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan. Əcəb xalü əcəb hindu, əcəb dəndan, əcəb lölə, Əcəb kakil, əcəb əbru, əcəb qövsü əcəb müjgan. Əcəb ləlü əcəb gövhər, əcəb saqi, əcəb kövsər, Əcəb hüsnü əcəb zivər, əcəb hürü əcəb qilman. Əcəb şuxü əcəb surət, əcəb zibü əcəb zinət, Əcəb mahu əcəb tələt, əcəb Yusif, əcəb Kənan. Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən, Əcəb nərgis, əcəb susən, əcəb qönçə, əcəb xəndan. Əcəb zülfü əcəb sünbül, əcəb xalü əcəb filfil, Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan. Əcəb eşqü əcəb sevda, əcəb Fazil, əcəb Şeyda, Əcəb şuriş, əcəb qovğa, əcəb məcnun, əcəb giryan. * * * == Müxəmməslər == Eyləməsin Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin, Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin, Eşq canına salıb, afəti-can eyləməsin, Onu dildən-dilə məşhuri-cahan eyləməsin, Açılan qönçə kimin ömrü xəzan eyləməsin. Mənə cövrü sitəm etməkdə fələk qoymadı kəm, Necə Yusif kimi zindanə salıbdır möhkəm, İstəməm bir kəsə izhar eləyim möhnətü qəm, Yoxdur aləmdə dəxi bir belə yari-möhkəm Ki, nihan sözlərimi xəlqə bəyan eyləməsin. Gah naz ilə, gahi işvə ilə ol kafər, Tiği-hicranilə hər ləhzədə can qəsdin edər, Yetişən dadıma yox kimsədə insaf məgər? Deyin ol zalimü xunxarə ki, Allahı sever, Öldürüb aşiqi, nahəq yerə qan eyləməsin. O qara gözlü ki, bir qan içici qatil imiş, Natəvan könlüm əcəb yerdən ona mayil imiş, İndi bildim ki, bu günlərdə vəfa müşkül imiş, Deyin ol bülbülə kim, naləsi bihasil imiş, Daxi bundan sora gülşəndə fəğan eyləməsin. Yar özü könlün eda mənzilini Şeydanın, Görə başdan-başa razi-dilini Şeydanın, Açıban lütf ilə bu müşkülüni Şeydanın, Çərx soldurmasın, axır, gülüni Şeydanın, Ömrünün tazə baharını xəzan eyləməsin. * * * Kitabxana.az · https://kitabxana.az/authors/fazil-xan-seyda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1852). Public domain (author died 1852). Original text only.