Hacı ağa Fəqir Ordubadi. Əsərləri Hacı ağa Fəqir Ordubadi (1836–1886) == Şeirlər == Guş edin ərzimə yeksər, siz əya pirü cəvan Guş edin ərzimə yeksər, siz əya pirü cəvan, Bircə təmsil gəlib xatirimə, eylüm əyan, Nəql ediblər bu keçən il var idi bircə kişi, Sahibi-xeylü rəmə, əhli-məhali-İrəvan. Toxumuşdu Fatısı əsl fayiq bir çuli-əsb, Xeyli mətbuü dilavizü giran, qədri giran. İşləmişdi onun üstündə Fatı düz iki ay, Tar-pudunda onun bənd eləyib rişteyi-can. Şamova verdi çulu, söylədi ki:--Həmsəri-mən, Sübhdən sal çulu, min yabını, ol şəhrə rəvan. Aparıb bu çulu sən şəhrdə sat qırx manata, Beş qəpik əksiyə satma ki, olur bəs ərzan. Satıb, al Dilpəriyə, Gülpəriyə nimtənəlik, Yırtılıb, Dilpərinin yoxdu ayağında tuman. Əti-əndamı çıxıbdır eşiyə Nazpərinin, Köynək al əyninə, həm başına şali-Şirvan. Səni tarı, a kişi, al mənə də bir yalavuc, Fəsli-yaylaqda tiküm nimtənə şali-Kirman. Saqquz al Mahpəriyə, Şahpəriyə güzgü, daraq, Algilə cəhrəmə ig, bir tikə qır, çit, kətan, Qədri zərnix, ahəg al gətir tənvir eləyək, Tük basıb canımızı, sirkə-bitə oldu məkan. Süuva bircə düdük, al Əlüvə bircə lülük, Məmova bircə papaq al, verəyüm həqqi-çoban. Əyn-başın tökülüb, al özünə bircə geyim, Madyana noxta alıb, eşşəyə də bircə palan. Müxtəsər, götdü çulu, şəhrə rəvan oldu o kürd, Çiyninə saldı gəzib çarsuyi-bazar, dükkan. Qırx manat söylədi, bir kimsə onu almadılar, Şəhri üç gün dolanıb mat-məəttəl, heyran. Dedi:--Bu töhfədi, qətən alır əşxas bunu, Gər qubernata verəm, çox mənə eylər ehsan. Müxtəsər götdü çulu, sildi tozü torpağın, Gətirib verdi qubernatə haman dəmdə nişan. Ta qubernat görüb söylədi işto-mişto, Dedi:--Bir töhfə gətirdim sənə canım qurban. Yaranal aldı çulu, verdi qulamına o dəm, Şamovun qəlbi açıb gül kimi oldu xəndan. Yaranal söylədi üç yol "xaraşo", bir "malades", Daxil oldu evinə, qıldı Şamo dadü fəğan: --Nə qələtdir elədim öz nənə-babamla mən, Bilirəm Fatı yolur yalımı bişəkkü güman. Müxtəsər, kəndə gəlib, ta Fatı gördü ərini, Üzü qara, əli boş, zurna çalır, həm balaban. Şamova söylədi Fatı:--Çulu satdın neçəyə? Hanı çul? Yağlığımız noldu məgər? Eylə bəyan! Dedi ər:--Fatı, çula uç "xaraşo", bir "malades" Yaranal verdi, əgər sud ola, ya inki ziyan. Eşidib Fatı, vurub kürdə ikiəlli qapaz. Kürd salıb möhra tasa, çəşminə tar oldu cahan. Durdu övrət ayağa, geydi çarıq, sonra dolaq, Şamovu götdü, minib yabını çün şiri-jəyan. Girdi ta şəhrə, qubernat qapısın etdi tələb, Dışra çıxdı yaranal, gördü gəlir dad, aman. Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo? Baş əyib övrəti-biçarə çəkib ahi-nihan. Ərz qıldı yaranala:--Mən Şamovun Fatısıyam, Niyə zülm eyləyə bilməm ümənayi-divan? Vermisən o çula sən üç "xaraşo", bir "malades", Verirük hər kəsə, verməzlə bizə bircə soğan. Ya pulu, ya çulu ver, istəmirik biz xaraşo, Malades qarnımızı sir eləməz, istər nan. Eşidib bu sözü çox güldü qubernat ol dəm. Xoşuna gəldi, gəlib nitqə, deyib xəndəkönan: --A patom, tı niboysya, istiroqa, istiraqa, Lütfi-bihəd qılaram mən sizə hər saətü an. * * * Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur, Bülbül bahar olanda işi ahü zar olur. Gül mövsümündə naleyi-bülbül əbəs deyil, Fəsli-xəzanı yadə salır, biqərar olur. Baği-cahanda qönçəni neylim olur bir ay, Xarı çəkir kənarına, bietibar olur. Novrəs cavanların qədidir ziri-xakdə, Eylər nömüvv sərv ləbi-cuybar olur. Baxsan bəsirət ilə əgər zülfi-sünbülə, Müşkül sənə ki, bir neçəsi aşikar olur. Sünbül deyil çəməndəki, susən deyil, nədir, Yarın şikənci-zülfüdü yerdən kənar olur. Topraqdən çıxan xəti-səbzi-nigardır, Reyhan odur ki, üzdə həmişə qubar olur. Gülşəndə bülbülə dedilər:--Badə nuş bad! Verdi cavab ki, axırı rənci-xumar olur. İbrətlə bax qızıl gülə, gör çərxi-kəcmədar Əvvəl onu əziz edər, axır nə xar olur. Gəh qönçə pərdəsində qoyar, bağrı qan edər, Gahi çəkər gülabın atar, tarmar olur. Lalə deyil çıxıb qızaran Bisütundə, Fərhad qəlbidir ki, hər il dağdar olur. Çəşmin vurar şükufə, əgərçi beş-altı gün Axır fələk qəbasin alır uri-ar olur. Böylə xəyal etmə çəməndə bənəfşədir, Nakam əruslar qaşıdır vəsmədar olur. Dünya birini ağladıban, güldürür birin, Əbrin sirişki xəndəgəhi-laləzar olur. Tərk etgilən bu dəhri-dəni pirə zalını, Hər gün bir ayrı şövhərə çün ixtiyar olur. Bietibardır bu köhən çərxi-bibina, Aqil kişi nə yatmış olur, huşyar olur. Çoxları tərk edibdi fələk, yox nişanəsi, İnsan üçün onun əməli yadigar olur. Bəhram Guri gör necə gurə çəkib fələk, Rubahi-çərxə şir olan axır şikar olur. Bizdən sora o qədr baharü xəzan gəlir, Hər il şübatü azərü neysan əyar olur. Badi-səba keçər, sora badi-şimal əsər, Daim bu ordu rüusi-şəhrü xar olur. Biz görmədik, görən görəcəkdir zəmanəni, Gəh yaz olanda gül olu, gəh qışda qar olur Kəsranı get Mədainə al Tağdən xəbər, Taci-Kəyan qoyan yenə dəfni-məzar olur. İskəndəriyyə şəhrinə get, gör Skəndəri, Biçarə o cəlal ilə gör nə fikar olur. Çoxları çəkdi təxteyi-tabutə təxtdən, Cümlə şəhənşəhin yeri ol qəbri-dar olur. Ey nəfsi-şum, axır olubdur nədir bu cəhd, Vizrü vəbalı boynuna yığma ki, bar olur. Beş gündən ötrü dövlətü malü imarəti Gəl istəmə, gedəndə ki, bir intizar olur. Fitnə dolub cəhanə, xəlayiq olub şərir, Yoxdur cahanda xeyir, əcəb ruzigar olur. Mərdüm bulur halalı həramü həramı pak, Nahaq şəhadət onlara daim şüar olur. İmanların satarla çilov, çayü qəhvəyə, Çoxdur bu şəxs yarləri yadxar olur. Şəri-nəbi qiyamini eylərlə məsxərə, Hər yerdə əmrü nəhy ola, onlar fərar olur. Ya rəb, Əliyyü ali-Əli hörmətinə sən Fəryadə yet o gündə ki, ruzi-şümar olur. Artır mənə nəbiyyü vəlinin məhəbbətin, Gər böylə olsa, nəxli-ümidimdə bar olur. Fəryadıma Əlini o gündə yetir mənim, Ruhum gedər, bədən qalı biqəmküsar olur. Yarü rəfiqü qövmü bəradər qoyar gedər Əndamımı sıxar, mənə çün qəbr dar olur. Ey dil, ötürmə daməni-ali-Məhəmmədi, Qəm etmə, yavərin, şəhi-Düldül-səvar olur. Artır, Fəqir, dildə Əlinin məhəbbətin, Hər kəs qulam ola o şahə, tacdar olur. * * * Sipasi-şükrü həmdi-fərdi-yekta Sipasi-şükrü həmdi-fərdi-yekta, Xudayi-biməsəl, həyyü təvana, Qiyasi-əqli-küll zatında qasir, Deyən şənində əhməd "maərəfna". Təmamən masiva etsə kitabət, Yazanmaz vəsfinə bir sətri-tuğra. Olar vəssaflər vəsfində aciz, Zəhi sübhani-bieybü mübərra. Fərəhza, qəmzüda kəlmati-paki Tapılmaz elminə övlavü üxra. Edən məxluqi min şeyi icad, Vücud ondan tapıb əczayi-əşya. Zəhi qadir ki, bu nöh taqi-çərxi Ucaldıb sün binəccarü bənna. Kəvakiblə verən əflakə zivər, Bürucati-bənat, əqdi-sürəyya. Yaratdı cümləsin yeksər ədəmdən, Hamana "kaf"i etcək "nun"ə ilqa. Qılıb bir qətrədə cəmi-əvalim, Mürəkkəb eyləyib əczavü əza. Fəlasif cümlə aciz hikmətində. Ümumən ləğvdir hökmi-ətibba. Olub ondan müvafiq dörd məxalif, Qılar dörd zidd bir yerdə müdara. * * * == Qəzəllər == Ey gözüm, vermə könül bu gözü xummarılərə Ey gözüm, vermə könül bu gözü xummarılərə, Olma mayil bu qara qürrəli dildarlərə. Mahrulərdə tapılmaz əsəri-mehrü vəfa, Hiç kəs olmıya aşiq belə xunxarlərə. Bir qəra didəlinin zülfu salıb hülqümə ğüll, Məni axır çəkəcək kuçəvü bazarlərə. Ey yüzi gül, ləbi püstə, dəhəni qönçeyi-təng, Unudub bülbülü, yar olmagilə xarlərə. Yataram fikri ilə hər gecə ol türrələrin, Yuxuda tuş oluram əfiyi-şahmarlərə. Xəmbəxəm zülfinə bağlı nə mənim könlüm olub, Bəlkə min xəstə könül bağlanıb ol tarlərə. Ey Fəqir, yoxdu nigarın kimi bimehrü vəfa, Hiç rəhm eyləmiri didəsi xünbarlərə. * * * Düşmüşəm seyd kimi damdə səyyad əlinə Düşmüşəm seyd kimi damdə səyyad əlinə, Bivəfa, qaniçici kafirü cəllad əünə. Qanımı tökmək üçün əbruyi-xunrizi müdam, Gör nə xişm ilə alıb xəncəri-fülad əlinə. Nə səbəbdən bu qədər didələrin qəsdim edər? Məni məqtul eləməkdən gəlü bir zad əlinə!? Qoyma zülfi-siyəhin səfheyi-rüxsarə düşə, Vermə, ey şux, behişti belə Şəddad əlinə. Dövri-çeşmindəki xalin bəməsəl xatəmdür, Yetişib hiylə ilə divi-pərizad əlinə. Qılsın əmani-nəzər mürşidi-ustadi-əzim, Hacı Mirzayi-Rəhim yetsə bu əfrad əlinə. Duta gər nəzmi-kəlamında Fəqirin bir eyb, Əfv qılsın onu kim, düşmüyüb ustad əlinə. * * * Heyf, məndən ol mələksima pəri can istəməz Heyf, məndən ol mələksima pəri can istəməz, Cismi-bimiqdarımı rahində qurban istəməz. Mən ümidi-vəsl ilə çox şakirəm hicran üçün, Aşiqi-sadiq degil hər kəs ki, hicran istəməz. Könlümə yüz karvani-qəm gəlir, mehmanlanır, Kaş o ev viran ola, yarəb, ki mehman istəməz. Ey xoşa, ol dərdməndə kim, təbibi yar ola, Əhli-eşq ol dərd üçün talibdi, dərman istəməz, Tarmar olsun o dil kim, yan yox, dildarı yox, Canəvərdir, can deyil, hər kəs ki, canan istəməz. Ey gözəl, zülfün kimi könlüm pərişan eyləmə, Kişvəri-mülkün şahənşahlar ki, viran istəməz. Canımı qurtar bu qəmlərdən mənim, tök qanımı, Qorxma, məşuqindən aşiq həşrdə qan istəməz. Qaməti-sərvin görən, gül tək cəmalın xoşluyan, Bağə baxmaz, gülşənə getməz, gülüstan istəməz. Ləblərin şəhdin içən aşiq həyati-Xızr alır, Meyli-şəhdi-şəkkər etməz, abi-heyvan istəməz. Küfri-zülfün sevməyən imanı yoxdur, dini yox, Hansı mömindir kim, o, zülfündən iman istəməz? Rəhm qıl, miskin Fəqirə, eylə ahindən həzər, Beylə gündə kafəri, gəbri müsəlman istəməz! * * * Salma bu qəra zülfünü rüxsarə, amandır Salma bu qəra zülfünü rüxsarə, amandır, Tapşırmagilən Kəbəni küffarə, amandır. Kəbə yüzünü görməyə aləm yığılıbdır, Göstər həcərül-əsvədi zəvvarə, amandır. Tapşır o kamandar qaşına tiri-müjəndən, Suzan sinəmə vurmaya çox yarə, amandır. Zahid məni öldürdü məlamət eləməkdən, Göstər yüzünü, ta qıla nəzzarə, amandır. Məntək unuda dini, duta rahi-Məsihi, Səcdə eliyə deyrlə zünnarə, amandır. Mən canə yetişdim bu qədər cövrün əlindən, Ərzə gedirəm axırı sərdarə, amandır. Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün, Qoyma gedə biganəyə yalvarə, amandır. Göstər Fəqirə nuri-təcəllayi-cəmalin, Musa kimi ta qalmaya avarə, amandır! * * * Verəli dil o qarə tellərə naşad olubam Verəli dil o qarə tellərə naşad olubam, Qanlı yaş cari edib, qəmlərə mötad olubam. Xəmi-zülfündə məqam eyləyəli xəstə könül, Qüssəyə tuş olub, xanəsi bərbad olubam. Necə səhrayə gedim ahu şikar eyləməyə, Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam. Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim, İndi nolmuş sənə, mən özgə kimi yad olubam?! Oğru zülfündən əgər könlümü alsam, dəxi mən Vermərəm dil ona, bundan belə ustad olubam. Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı, Qəmi-dəbxi unudub sərvtək azad olubam. * * * == Müxəmməslər == Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl, Alma əlimdən mənim tabü təvan, ey gözəl, Payinə qurbandı bu baş ilə can, ey gözəl, Qamətim əyri qaşun etdi kəman, ey gözəl, Rəhmə gəl, etmə cəfa, bəsdir, usan, ey gözəl! Tək yaradıb hüsndə xaliqi-yekta səni, Məhz qələtdür dutam Yusifə həmta səni, Dinə gəlir görsə gər kafirü-tərsa səni, Cümlə bəladən görüm saxlaya mövla səni, Canımı nahaq alıb eyləmə qan, ey gözəl! Ey yüzi gül, işvəgər, ləbşəkər, incə kəmər, Hüsnüvə aşiqdilər cümlə cahan sərbəsər. Məzhəbi qalmaz sənə eyliyə hər kəs nəzər, Sən kimi yox mahivəş, sən kimi şirin bəşər, Sən kimi görmüb yəqin çeşmi-cahan, ey gözəl Kakili-mişkinüvi şanəliyib, sal yüzə, Gürci küləh başa qoy, sürmə siyəh çək gözə, Tirmeyi-rəz əynüvə qurşanıban çıx düzə, Lal elə bülbülləri, gülşən ara gəl sözə, Gəlməz ələ bir belə fəslü zaman, ey gözəl! Ləli-ləbindən öpən abi-həyat istəməz, Şəhdi-yüzündən doyan qəndü nəbat istəməz, Səcdə qılan qaşuva sövmi-səlat istəməz, Görsə səni bütpərəst latü mənat istəməz, Öpsə yüzündən olur pir cəvan, ey gözəl! Qaşü gözün, kiprigün qətlümə eylüb kəmin, İşvələrin saxlayıb aşiqi-zar ilə kin, Hiç sədəf içrə yox sən kimi dürri-Yəmin, Xadim olammaz sənə cənnət ara hurül-eyn, Sən kimi Tiflisdə yox qönçədəhan, ey gözəl! Gülşənə çıx, seyr elə, sərvi nigunsar elə, Susənü gül, sünbülə aç yüzüvü, xar elə, Məst gözün aç qıya, nərgizi bimar elə, Zülfünü yüzdən götür, gül yüzün izhar elə, Bağrına qoy lalənin daği-nihan, ey gözəl! Qoy dolanım dəmbədəm başuva pərvanətək, Kakilivə əl çəkim teldə gəzən şanətək, Qoyma Fəqirin sənin tərk ola biganətək. Öpsə əgər ləblərin sağərü peymanətək, Daxil olur cisminə ruhi-rəvan, ey gözəl! * * * Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz, Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz, Qüdrətin xaliq edib səndə nümayan, qara göz, Dəxi sən hüsndə xəlq olmuyub insan, qara göz, Elə şükri-əhədi-qadiri-sübhan, qara göz! Gör nə surətdi çəkib, can belə nəqqaşə fəda, Çəkdiyi xameyi-qüdrətlə o göz, qaşə fəda, Türki çeşmin götürən xəncəri-xunpaşə fəda, İşvəvü qəmzəvü naz ilə o pərxaşə fəda, Yəni yüz can zənəxin xalinə qurban, qara göz! Dərini gördü gözüm, görmədi məscidlə künişt, Məni divari-sərayində hesab etgilə xişt, Sən qəbulumsan əgər xub olasan, ya rüxü zişt, Bəsdü vəslin mənə, həqdən diləməm baği-behişt, İstəməm gər ola yüz hurivü qılman, qara göz. Əyri qaşın nə səbəbdən olub amadeyi-cəng? Kiprigün beylə olub hər biri bir tiri-xədəng, Can bulardan qurtarammaz ola gər şirü pələng, Bəlkə Birzü ilə Gudərzü Fəramərzü Peşəng, Rüstəmü Küstəhəmü Samü Nəriman. qara göz! Günümü qarə qılıb öz yüzü tək qarə telin, Məni çalmağa dönübdür genə şahmarə telin, Səni həqq, şanə alıb dəstinə, az darə telin, Oxşuri yavəri-sərtibi-sipəhdarə telin, Az qalıb eyliyə dil mülkünü talan, qara göz! Sərvdə yoxdu belə işvəfi qamət, nə deyim? Yerisən xəlqə qopar ruzi-qiyamət, nə deyim? Güldə yoxdur bu qədər nazü nəzakət, nə deyim? Bu nəzakətlə sitəm eyləmə adət, nə deyim? Yoxudur mehrü vəfa, sən kimi dövran, qara göz! Bir zaman sərsəri-piri bu gülüstanə əsər, Dəxi qalmaz bu qədi-sərv belə tazavü tər, Nə kənarinə onun mən kimi bir qumri gəzər, Ondan əqdəm ki, görünməz bu vəcahətdən əsər, Vəslin et aşiqi-nalanuva ehsan, qara göz. Qoyaram dərgahinə sübhü məsa ruyi-niyaz, Qılaram olmasa gər zümm o rüxsarə namaz, Aldı hicran canımı, eyləmə bu həddidə naz, Gül yüzündən bu Fəqir iylədi bir zərrəcə, az Onu yəni edəsən busəyə mehman, qara göz! * * * == Mənzumə == Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul, Xəlqdən çəkməgilən gərdənə çox bari-giran. Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə, Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan. Ey Fəqir, çəkməgilən çox da dəni minnətini, Söyləmə cifədən ötrü dəxi həcvü hədyan! * * * Kitabxana.az · https://kitabxana.az/authors/fegir-ordubadi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1886). Public domain (author died 1886). Original text only.