Əbdürrəhman bəy Fətəlibəyli. Əsərləri Əbdürrəhman bəy Fətəlibəyli (1908–1954) == Azadlıq Radiosundakı çıxışlar == “Azadlıq” radiosu ilə Azərbaycanlılara ilk müraciət Həmvətənlər! Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını! Bir qədər əvvəl Sovet İttifaqını tərk etmiş yüz minlərlə kəndli və fəhlələr həqiqəti qorxmadan demək imkanı əldə etmişlər. Çoxlu keçmiş komsomolçu və kommunistlər, Sovet ordusunun əsgər və zabitləri, Daxili İşlər Nazirliyinin keçmiş işçiləri əvvəllər müdafiə etdikləri hakimiyyətlə mücadilə aparmaq qərarına gəlmişlər. Burda, xaricdə demək olar ki, Sovet İttifaqının bütün xalqları təmsil edilmişlər. Biz hamımız, gənclər və yaşlılar olaraq Stalinin dəmir pərdəsində yaşayan və əzab çəkən sizlərlə bir əzmdə və bir ruhdayıq. Biz hamımız, gənclər və yaşlılar Stalinin dəmir pərdələri arxasında yaşayan və əzab çəkənlər olaraq bir iradə və ruhla sizinləyik. Sizin kədəriniz, sizin fikriniz-bu, bizim kədərimiz, bizim fikrimizdir və bizim səsimiz-sizin səsinizdir. 1952-ci ilin oktyabrın 16-da xaricdəki siyasi qrupların nümayəndələri Vətəni kommunist diktaturasından xilas etmək üçün “Antibolşevik mücadilənin Koordinasiya Mərkəzi”ni yaratdılar. Biz bu diktaturaya qarşı xalq hakimiyyəti prinsiplərini qoyuruq. SSRİ ərazisində yaşayan bütün xalqlarla birgə demokratik ifadə göstərmək əsasında öz müqəddəratını azad təyin etmək hüququnu tanıyırıq. Biz bütünlüklə vicdan və dini azadlıqların verilməsi tərəfdarıyıq. Biz yalnız insanın insan tərəfindən istismarının deyil, eyni zamanda insanın partiya və dövlət tərəfindən də istismarının da əleyhinəyik. Biz dövlət siyasətinin insan şəxsiyyətinin azad inkişafı maraqlarına və xalqların maddi və mənəvi həyat tərzinin yüksəldilməsinə tabe edilməsi tərəfdarıyıq. Bizim istismarçıların qışqırıb dedikləri o “xoşbəxt” həyat; yaxud ləyaqətli insan həyatı o zamana qədər mənasız olacaq ki: 1) terror və işgəncə sisteminə son qoyulsun; 2) Qul əməyinin bütün formaları məhv edilsin; 3) Bizim dövr üçün qorxu və biabırçı sayılan cəhənnəm həbs düşərgələri yox edilsin; 4) Kolxozlar buraxılsın və kəndlilərə torpağa sahibolma və torpaqdan istifadə formasını seçmək hüququ verilsin. Kommunist hakimiyyətinin ən ağır cinayətlərindən biri kimi biz onun xalqın yaradıcı fəaliyyəti və ölkənin mədəni həyatı üzərindəki zülmünü qeyd edirik. Böyük Azərbaycan ədəbiyyatı, musiqisi, salnaməsi, elmi – xalqın bütün yaradıcılıq qabiliyyətinin formaları Stalin tiranlığı ilə məhv edilmişdir. Bizim mədəni irsimiz və onun Avropa və dünya mədəniyyəti ilə bütün əlaqələri mənasız və amansızcasına məhv edilir. Mədəniyyətin canlı daşıyıcıları isə daha amansızcasına güllələnirlər. Tapdanmış mənəvi dəyərlərin qorunması və xalqımızın varlığının qorunması üçün biz öz səsimizi qaldırırıq. Biz kommunizmin tamahkar və təcavüskar xarici siyasəti nəticəsində insanlıq üzərinə hərəkət edən qorxulu təhlükəni görürük. Bütün xaricdə yaşayan və Sovet İttifaqını tərk etmiş azərbaycanlılar azad dünyanı inandırırlar ki, kommunizm fəhlə hərəkatının siyasi hərəkatı deyil, yalnız quldarlıq təsərrüfatı sisteminə əsaslanan, hərbi bürokratiya və polis terroru üzəində yaranmış imperialist dövlətlərin silahıdır. Sovet İttifaqının bütün xalqları kommunizmə gizlində düşməndirlər və öz istismarçılarına nifrət edirlər. Bu cəhdlər isə “bəhrələrini” vermişdir. Milyonlarla insanımızın həbs düşərgələrində əzab çəkməsi faktı sübut edir ki, kommunist təcavüzü xalq işi deyildir, yalnız Kreml cəlladının əlidir. Bizim xalqlar Stalinin cinayətkar siyasətinin yanındakı yaltaqların “dahi” adlandırdıqları daha hansı eksperimentlərin əzablarını çəkməlidilər və nələrə düçar olmalıdılar? Həmvətənlərimiz! Əgər siz onların başı üzərindən azad dünya xalqlarına əlinizi uzatmasanız, Sovet diktatorlarının sizin arxanızda və sülh uğrunda hərəkat adı altında hazırladıqları üçüncü dünya müharibəsinin başlanması olsun ki, qaçılmaz olacaq. Bizim ölkənin xalqları ilə azad xalqların möhkəm birliyi demokratiyanın gücünün və sarsılmazlığının girovu sayıla bilər. Biz bilirik ki, mücahdilə üçün buradan hazır siyahılar vermək mümkün deyil. Vaxtı çatanda xalq özü necə hərəkət etməyi başa düşəcək. Bizim radiostansiyanın vəzifəsi – Sovet İttifaqında baş verənlər haqqında heç zaman eşitmədiklərinizdən danışmaq, dinləyicilərimizi obyektiv informasiya ilə təchiz etmək və onlara Sovet təbliğatının neçə illərdir yayıb təlqin etdiyi yalanlardan azad olmaqda kömək etməkdir. Bizim radiostansiyanı dinləyin! Antibolşevik Mücadilə Koordinasiya Mərkəzinin səsini eşidin! * * * == Çıxışlar == Əbdürrəhman bəy Fətəlibəylinin Milli Azərbaycan Qurultayındakı məruzəsi Azərbaycanın Milli azadlıq hərəkatının rəhbəri kimi Mili Birliyin Azərbaycan Məclisi öz qarşısına aşağıdakı vəzifələr qoyur: Bolşevizmin məhv edilməsi və Qafqaz Birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması Bolşeviklərsiz və istismarçılarsız Qafqazın bütün xalqları ilə əməkdaşlıqda yeni Azərbaycanın yaradılması. Yeni Azərbaycan aşağıdakı prinsiplər üzərində qurulacaq: a)Bütün zəhmətkeşləri sərbəst işləmə imkanı ilə təmin etmək və namuslu əməyi əsasında zənginləşdirmək: b)Kolxozların ləğv edilməsi və torpaqların kəndlilərə paylanması Elmin inkişafı və insanların sərbəst yaradıcılıqla məşğul olması üçün hər bir şəraitin yaradılması Azərbaycan Elmlər Akademiyasının təsis olunması. Bütün əhaliyə aşağı, orta və ali təhsil ocaqlarında pulsuz təhsil verilməsi.Tələbələrin dövlət təqaüdü ilə təmin olunması Bolşeviklər tərəfindən məhv olunmuş milli mədəniyyətin, milli dilin bərpa edilməsi İstismarçılığın yaranmasını təqib etmək Kənd və şəhərlərin yenidən qurulması, istirahət guşələrinin, yolların, hidroelektrik stansiyaların tikilməsi və xalqın həyat şəraitinin və mədəniyyətinin yüksəlməsinə imkan yaradan və Azərbaycanı qısa müddətdə çiçəklənən, xoşbəxt ölkəyə çevirən bütün tədbirlərin həyata keçirilməsi. Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə hadisələrin hesabı aparılsın. Hər bir inciklik unudulmalıdır. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı bolşeviklərin dövründə kim olmasına baxmayaraq hər bir azərbaycanlıya veriləcək. Yeni Azərbaycanda bir-biri ilə mücadilə aparan siniflər ola bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət bəsləyəcəyik,təki onlarda bizimlə çalışmaq həvəsi olsun. Digər millətlərin milli namusu və milli nailliyəti Azərbaycanda sıxışdırılmayacaq. Bütün qafqazlılar Yeni Azərbaycanda özlərini evlərindəki kimi hiss edəcəklər. Biz azərbaycanlılar yaxşı bilirik ki, bu məsələləri yalnız fədakarlıq və güclü iradə ilə həyata keçirə bilərik. Biz əminik ki, Qafqazın və Azərbaycanın azad olunması yalnız bütün Qafqaz xalqlarının əlində silah birləşmiş gücü ilə mümkündür. Biz bizə mənəvi dəstək verən, bütün həyat yolumuzu işıqlandıran azadlıq və doğma Qafqazın nailliyyəti və namusu uğrunda mübarizə yolunu tapdıq. Biz Klauzerin mövqeyindən yanaşırıq: «Xalq üçün onun namusu və azadlığından uca heç nə yoxdur. O onları son nəfəsinə qədər qorumalıdır, çünki onun milli namusunu və azadlığını qorumasından müqəddəs borcu yoxdur. Heç bir şübhə yoxdur ki, bütün qafqazlılar öz müqəddəs borcunu yerinə yetirəcək və son nəfəsinə qədər Almaniya ilə birgə bəşəriyyətin düşməni olan bolşevizmlə vuruşacaq və Qafqaz xalqlarını bolşevik uçurumundan azad edəcəklər. Var olsun azad və müstəqil Azərbaycan! Var olsun vahid, azad və müstəqil Azərbaycan! * * * == Məktublar == Əbdürrəhman bəy Fətəlibəylinin Məmməd Əmin Rəsulzadəyə məktubu Mərhəba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizdə (Berlində çıxan "Azərbaycan" qəzeti- NY) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin:Ə.Düdənginski-Fətəlibəyli * * * Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu Cənab general! Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum. Artıq illərdir rus mühacirətinin bəzi dairələri Qərbin bütün siyasi mərkəzlərində bildirirlər ki, qeyri-rus xalqlarının milli azadlıq hərəkatları Gimmler və Rozenberq tərəfindən bu xalqların iradəsindən asılı olmayaraq istehsal olunmuşdu və onları “faşist”, “nasist”, “kvinslinq”, “Hitlerin pərəstişkarları” adlandırırlar. Biz buna cavab verməyi öz qürurumuza sığışdırmadıq, amma Sizə – II dünya müharibəsi zamanı hörmətli Əhməd Nəbi Maqomun rəhbərlik etdiyi Şimali Qafqazın milli-azadlıq hərəkatına qoşulan adama cavab verməyə məcburam. Cənab general, Sizin iddialarınızın əsasız olduğunu sübut etmək üçün mən nümunə kimi II dünya müharibəsi zamanı Azərbaycan xalqının milli-azadlıq hərəkatının üzərində dayanmaq istərdim. Hamıya məlumdur ki, türk-müsəlman və digər qeyri-rus xalqları çar Rusiyasının tərəfindən istila edilmişdilər, onların müstəqill demokratik respublikaları isə (1918-1920) Sovet Rusiyası tərəfindən işğal olunmuşdu və zorla SSRİ-yə birləşdirilmişdi. Bu səbəbdən də, bizim xalqlar öz azadlıqları uğrunda döyüşə bilmirdilər. Fasiləsiz üsyanlardan və qanlı döyüşlərdən sonra bizim xalq bu fikrə gəldi ki, qanlı bolşevizm xarici qüvvələrlə ittifaq sayəsində məhv edilə bilər və bu səbəbdən də, o, SSRİ-yə müharibə elan edən istənilən döblətin təbii müttəfiqi idi. Stalinin Hitlerlə ittifaq sazişindən sonra bizim bütün xalqların rəğbəti qərb dövlətlərinə yönəldi. Stalin Hitlerlə birgə Polşanı böləndə, Baltik ölkələrini müstəqillikdən məhrum edəndə, Finlandiyaya hücuma keçəndə biz nəfəsimizi dərmədən İngiltərə, Fransa, Skandinaviya və digər Avropa ölkələrinin SSRİ-yə müharibə elan edəcəyini gözləyirdik. O zaman biz həm Stalinə, həm də Hitlerə qarşı onların təbii müttəfiqi idik. Amma… başqa cür oldu. Qərb dövlətlərinin vətənpərvərlik borcu onları SSRİ, bizi isə, Almaniya ilə birləşdirdi. Bizə görə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onlar üçün öz atalarımızın ənənələrini ayaqlayaraq Böyük Rus və ya SSRİ – bizim xalqımızı əsarətə alan dövlətin tərəfində vuruşa bilməzdik! Bolşeviklərin əsarətə aldığı digər xalqlar kimi, bizim millətin oğulları da sovet cəbhəsini açaraq Almaniyanın tərəfinə keçdilər və onunla birgə öz vətənlərinin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə başladılar. Almaniyanın tərəfində olan Azərbaycan türklərinin sayı 150 min nəfər olub, bütün türklərin və qafqazların sayı isə, milyona çatırdı. Bütün bu kütlələr hərbi düşərgələrə yerləşdirilmişdilər, onlar yavaş-yavaş ölürdülər, bu sırada mən də vardım. 1941-ci ilin qışına müharibəni başa çatdırmağa və bütün ölkələri müstəmləkəsinə çevirəcəyinə ümid edən Hitlerin legion yaratmaq kimi bir niyyəti yox idi, onlar 1942-ci ilin əvvəlində yaradıldı. Milli sosialistlər (nasistlər) legionlara ucuz yardımçı qüvvə kimi baxırdılar. Belə ucuz əsgərlərdən biri də mən idim. İnsanlar acından ölməmək üçün, xilas olmaq üçün ucuz əsgər kimi qisas alaraq ölürdülər. Əgər siz və digər rəhbərlər bunu milli şərəfə ləkə hesab edirdinizsə, o zaman hərbi əsirlərə bu çağırışla müraciət edəydilər: “Legionlara getməyin və mən əsir düşərgəsində sizinlə birgə öləcəyəm”. Legionlarla yanaşı Berlində təbliğat məqsədilə almanların rəhbərlik etdiyi hansısa milli qurum və qəzetlər yaradılırdı. Bizim hamımız üçün “müstəqillik” sözünü demək və yazmaq qadağan olunmuşdu, bunun əvəzinə hamı heç nə ifadə etməyən “fraqqayt” – “azadlıq” sözünü geninə-boluna istifadə etməli idi. Hamıdan daha çox biz təhqirə məruz qalırdıq, çünki bizə öz əsl adımızla – Azərbaycan türkləri kimi adlandırılmağımıza icazə vermirdilər, bizi Stalinin bizə verdiyi “azərbaycanlı” adı ilə çağırırıdılar. Bizim milli bayrağımız isə, aypara və ulduz simvollarının çıxarılması yolu ilə təhrif olundu. Şübhəsiz ki, Berlindəki hər bir kəs kimi, biz – döyüşən əsgərlər də bu vəziyyətlə barışa bilməzdik… Berlindəki bütün Azərbaycan türkləri Xəlil bəy Xasməmmədovun sədrliyi ilə toplandılar ki, müzakirə etsinlər: bu alçaldıcı şərtlərdə əməkdaşlığı davam etdirməli, yoxsa getməli? Biz qərara aldıq: “Almaniya bizim müstəqliliyimizi tanıyacaq, ya yox, fərq etməz, amma bizim bu ağır məqamda öz həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə haqqımız yoxdur, çünki bu, Vətən qarşısında xəyanət olardı. Biz bunu istəyirik, ya yox, legionerlər mübarizəyə cəlb olunublar. Onların namusunu, ləyaqətini və həyatını hər cür müdafiə etməyə çalışmaq lazımdı. Elə etmək lazımdır ki, onların qanı batmasın, yerdə qalmasın, məhz alicənab türk qanının axdığı azadlıq və müstəqillik məcrası ilə axmaqda davam etsin”. Buna nail olmaq üçün almanların Azərbaycan qərargahına ilk güzəştindən istifadə etdik və birləşmək, öz xalqımızın iradəsini nümayiş etdirmək, siyasi proqram qəbul etmək və milli azadlıq hərəkatının rəhbərliyini seçmək üçün, eyni zamanda alman hökumətinə tələblərimizi çatdrımaq üçün Konqres çağırmağı qərara aldıq. Konqresin çağırılmasına xeyli əngəl vardı, çünki bu, Şərq nazirliyinin və digər qurumların məmurlarının xoşuna gəlmirdi. Buna general Ritter fon Nidermayer kimi generallar da mane olurdular. Konqresin çağırılma müddəti üç dəfə təxirə salınıb və xüsusən bizimlə Vermaxt təbliğatı arasında kəskin mübahisələr baş verdi, onlar bizdən tələb edirdilər ki, İngiltərə, Amerika və digər dövlətləri Azərbaycan xalqının düşmənləri elan edək. Biz bu tələblərdən imtina etdik, çünki onlar həqiqətəuyğun deyildilər. Nəhayət, 1943-cü il noyabrın 6-da biz Konqresi çağıra bildik və konqres noyabrın 10-dək davam etdi. Toplantıda gənclərin və yaşlı nəslin 300 nümayəndəsi iştirak edirdi. Müstəqillik tələb edən nümayəndələr qürurla bəyan etdilər: “Biz onun üçün vuruşmuruq ki, bir sahibi o biri ilə əvəz edək. Biz çar canişinlərinə dözmədiyimiz kimi, istənilən digər xalqın da hakimini qəbul etməyəcəyik. Qafqazı qafqazlılar idarə edib və edəcək, eləcə də Azərbaycanı azərbaycanlılar idarə edib və edəcək”. Bu şəraitdə müstəqillik tələbləri ölümə bərabər idi, çünki bu, cənab reyxkomissarları, qaulyaterləri hər cür perspektivdən məhrum edirdi, qısacası, milli-sosialist irqçi nəzəriyyəni alt-üst edirdi. Bizim Konqresdə qəbul olunan, bir bəndindən belə imtina etmədiyimiz siyasi proqramın faşizmlə, nasioal-sosialistlərlə, kommunizmlə heç bir əlaqəsi yoxdur, o, Azərbaycanın demokratik əsaslarla qurulmasını nəzərdə tutur. Beləcə, Kayzerqofda, Berlində, həmin şəraitdə demokrat olmaq lazım idi, amma indi hamı demokrat ola bilir. ...Nə qədər ağır olsa da, 1945-ci il martın 17-də İmperiya Hökuməti nasional- sosialist filosofu, reyx nazirinin özü Alfred Rozenberqin imzası ilə Azərbaycanın və digər türk və Qafqaz ölkələrinin müstəqilliyini tanıdı. Bu aktı imzalarkən, A.Rozenberq öz irqçi nəzəriyyəsinin dayanıqlı olmadığını etiraf edir, türk və qafqazlıların müstəqillik ruhunun ölmədiyini qəbul edirdi. Aktın təslimə cəmi iki ay və ya beş dəqiqə qalmış imzalanmasının heç bir prinspial əhəmiyyəti yoxdur. Bu etiraf bizə ona görə qiymətlidir ki, o, bizim döyüşçülərin qanı ilə qazanılıb. Əgər nasional-sosialist hökuməti bizim Vətənimizin müstəqilliyini etiraf edibsə, düşünmək lazımdır ki, demokratik dövlətlər hər hansı tərəddüd olmadan bunu edəcəklər. Bu məqalədə isə Siz, cənab Biçexarov, özünüzün 1918-ci ildəki fəaliyyəti, xalqların özünüzün yaratdığınız könüllü ittifaqı, qrımızılara, türklərə və ingilis xadimlərinə qarşı mübarizəniz barədə danışırsınız. Azərbaycan və Şumali Qafqaz oğulları sizin o zamankı fəaliyyətinizi böyük nifrətlə xatırlayırlar. Biz xalqımızı sizin bölmənizin özbaşınalıqlarından xilas etməyə yardımçı olan türklərə minnətdarıq. Bakıdan gedərkən siz xəzinəni də özünüzlə aparmağı unutmadınız. Sizi Bakıdan qovanda Dərbəndə tərəf hərəkət etdiniz, şimali qafqazlılara qarşı döyüşlərdə Petrovsku işğal etdiniz… Dağıstan deputatlarını öldürdünüz. Sonra türklər qafqazlıların köməyinə gəldilər, sizin bölmənizi dağıtdılar, Şimali Qafqazı sizin özbaşınalığınızdan xilas etdilər. Mən sizi məhkəməyə dəvət edirəm, cənab general! Mən bəyan edirəm ki, bizim milli azadlıq hərəkatına qarşı ittiham irəli sürəcək istənilən xalqın məhkəməsi qarşısında cavab verməyə hazıram. Yekunda deməliyəm ki, bu bizə nə qədər baha başa gəlsə də, biz ana-bacılarımızın, arvad-uşaqlarımızın göz yaşlarının, atalarımızın və qardaşlarımızın qanlarının qisasını aldıq və nəhayət, biz fəxr edirik ki, insanlıq əleyhinə bəlaya – Kommunizmə qarşı vuruşmuşuq. Qoy, böyük Allah bizim əməyimizi yerə vurmasın, qanımız əbəs yedə qalmasın. Ə.Fətəlibəy München 22, Postfach 103. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubu Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu. Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi. Bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokratik xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu “yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yer kürəsinin 1/6 hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər. Stalin cənab Çörçilə cavabında bolşevizmin ingilis dünyasına olan ümumi nifrət və kinini konsentrik şəkildə göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığını və qazanmayacağı ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə Hani Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına (xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə baxmayaraq, kommunistlərə səs vermədiklərinə görə hirslənmirmi? Stalin deyir: “Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər. Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”. Biz də deyirik ki, xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin - kommunist köləliyinə düşsünlər.... Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi, Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin uğrunda vuruşmaq istəmirdi. İlk növbədə ruslar, ukraynalılar, türk-müsəlmanlar. Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta bilmişdi. I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi? Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə vuruşmadı? Çünki, onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik ənənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var. Çünki, İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox, keçməzsiniz. Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir. Kommunizm və dünya proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukraynalı və xüsusən türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır. Ümumiyyətlə isə, kommunizmin heç bir xalqm gerçəkliyi ilə ümumi nöqtəsi mövcud deyil, çünki, kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının, vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla yaxşı zəhmətkeşin məhv edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş satılması deyildimi? * * * Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu Məhmədciyim! Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram. Komissiya haqqında göndərdiyin teleqramı aldıq, çox sevindik. Allah daima səni şad etsin. Teleqramı bütün düşərgələrə bildirdim. Komissiya hələ gəlməmiş. Eşitdiyimə görə komissiya Yunanıstandadır, bir həftəyə qədər buraya gələcək. Məhməd! Hərəkatımız haqqında xalqımıza raport yazmışam. Bu raportu hörmətli Mirzə bəydən al, türkcəyə tərcümə et, surətlərini vətəndaşlarımıza ver. Oxusunlar, həqiqəti bilsinlər və dedi-qoduçuların ağızlarını yumsunlar. Hər türkçü dostumuza bir surətini versən, heç də fəna olmaz. Bütün türkçü dostlarımıza mənim təşəkkürlərimi və məhəbbətimi bildir. Onların adreslərini mənə yaz. Şəxsən onlara məktub yazmaq fikrindəyəm. Sistematik olaraq "Şərq yolu", "Ergenekon" və "Kür Şad" qəzetlərini almaqdayıq. "Son saat" çox xoşuma gəlir, maraqlı axşam qəzetidir. "Tasvir"in intişarını səbirsizliklə gözləyirik. Mənim əziz Ziyad bəyim yazmışdı ki, iyulun 15-də gələcək. Əgər gələrsə, qoymayacağam özünü üzsün. Yazdığım kiçicik kitabçanı Amerika xalqına həsr etmişəm. Orada olan Amerika korrespondentləri ilə bu haqda danış və mümkünsə Amerikaya göndər. Mənə türklər üçün ingilis dili kitabı və ingilis-türk sözlüyü lazım. Mümkün etsən göndər. Fuaddan xəbərim yox, haradadır və nə iş görür? Öpürəm səni. Salam vətəndaşlarımıza. Sənin Abo. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubu Hörmətli və əziz Əbdüləli bəy! Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı. Məlum olduğu kimi, onlar Türkiyə və Suriyaya bizi qəbul etməmələri üçün etiraz notasını göndərmişdilər. Bəlkə də, bu nota bizimkiləri qorxutdu və bizim çıxışımızı ləngitdi. Lakin naxallardan qorxmurlar, üzlərinə vururlar. Sizdən xahiş edirəm ki, Məhəmmədə tapşırıq verəsiniz bu barədə bizim türkçü dostlarımızla (Bariman, Atsız, Selime Seden və s.) danışsın. Qəzetlərdə bütün müsəlman qaçqınların Avropadan tez bir zamanda təxliyyəsi uğrunda kampaniyaya başlamaq lazımdır. Qoy bizim dostlarımız bu işi sona çatdırsınlar. Xüsusilə də, İtaliyadakı toplanma düşərgələrində: "Farfa- Sabina", "Fraschette di Alatri", "Lipari-Sicilia"da yerləşən müsəlman qaçqınların dözülməz vəziyyətini qeyd etmək lazımdır, bu, italiyalılara güclü təsir edəcək. Türkiyə komissiyası artıq İsveçrə, Avstriya və Almaniyada olmuşdur və tezliklə yenidən İsveçrəyə qayıtmalıdır. Misirin nümayəndəsi Dr.Həsən İsmayıl həmçinin Avropadakı bütün müsəlmanları ziyarət etdi. Onun zəhmətinin bəhrəsi göz önündədir, onun tələbləri yerinə yetirilir. İki gün bundan öncə hörmətli Cahangir bəy məlumatlandırılmışdır, bu gün isə qəzetlərdə yazılır: “Gələn həftə Misirdən Avropadakı müsəlman qaçqınlar üçün hədiyyə və geyimlə dolu gəmi gələcəkdir". Bu çox sevindirici xəbərdir, ona görə yox ki, hədiyyələr gətirir, ona görə ki, gəminin gəlməsi yerli hökumət nümayəndələrinə göstərəcək ki, bütün müsəlman dünyası müsəlman qaçqınların arxasında durur. Allah kimisə sahibsiz qoymasın. Misirin bu addımı Kababçının iştahasını müəyyən qədər kəsəcək. Ziyadın xəstəliyinə çox-çox təəssüf edirəm. Xahiş edirəm onun səhhəti və ailəsinin vəziyyəti barədə mənə ətraflı məlumat verəsiniz. Onun səhhəti burada, İtaliyada bizə görə zəiflədi. Bir ay yarım boyunca onun şəxsi istirahəti üçün bir günü də olmadı, bütün vaxt ərzində o bizim həyatımızı qurtarmaq üçün çalışırdı. Uca Allah onun mükafatını versin. Mənim şəxsi vəziyyətim həmişəki kimi təhlükəli və ağırdır, lakin mənim həmvətənlərim buradan getməyənədək mən heç yerə getmək barədə düşünmürəm. Allah böyükdür, O mənə kömək edəcək, necə ki, indiyədək edib. Cahangir bəy və onun ailəsindən salamlar. Səltənət xanımın əlindən və uşaqlarınızı öpürəm. Əzizim Ziyadı qucaqlayıram. Sizin Abo. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu Əzizim Ziyad bəy! Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər. Çox yazmıram. Valya xanım vəziyyəti sizə anladar. Baxın siz və dostlarınız nə edə bilərsiniz (özünüzə zərər toxunmadan). Bizim tezliklə Türkiyəyə sövq edilməyimiz üçün UNO-da olan anlaşmazlıqdan istifadə etməli, Molotov Nyu-Yorka gəldikdən sonra qorxuram vəziyyəti dəyişə - anlaşarlar. Onda sizin “yüksək siyasətçiləriniz” qorxularından bizim adımızı da çəkməzlər. Eşitdiyimə görə, Nurullah Barımanı həbs ediblər. Siz özünüz də həbs olunmaq təhlükəsi altındasınız. Bu "şəkər qardaşlar" nə istəyirlər sizdən? Nə veriblər sizə ki, geri ala bilmirlər. Allah xatirinə üzülmə, bütün fikrini öz səhhətinə ver. Mənim vəziyyətim həmişəki kimi qorxunc və ağırdır, bəlkə də, İsveçrəyə qaçqın getməyə məcbur olacağam. Vətəndaşlarımın ömründən arxayın olsaydım, özümə çoxdan bir çarə qılardım. Mən və bütün əsgərlərim səni bağrımıza basırıq. Sənin Abo. * * * == Məqalələr == Diamat Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış. Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu. Onun hərb nəzəriyyəsinin yarımçılığı və təzadlığı da bundan irəli gəlir. Xüsusən, Sovet İtifaqında elə bir vəziyyət yaranmışdır ki, alimlər, yazarlar, şairlər, rəssam və bəstəkarlar dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahiməliliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiyası üzvlərinin, 30 dekabr 1930-cu il tarixli “Pravda” qəzetinə verdikləri bəyannaməni xatırlayaq. Akademiklərin bu məcburi bəyannaməsində deyilirdi: “Qarşımızda duran məsələləri” bir metod olan Marks-Engels-Lenin-Stalin metodu ilə həll edəcəyik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fizioloji təcrübələrini yürüdəcək, Tşuko, Tşusev, Vesnin, Hüseynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirəcəklər. Rəssam, akademik Qrabar rəsmlər çəkəcək, bəstəkar Qara Qarayev və Şestakoviç simfoniyalar yazacaq, akademikyazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edəcək və s. Bütün bu işlər dialektik materializm metoduna istinad edilərək görüləcəkmiş. İndi baxaq, Marks bu “elmlər elmini necə yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializmi də Feyerbaxdan aldı və onları birləşdirdi. Həm də sadəcə birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdirdi, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısaca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə edərək, çox fikirləşmədən böyük icadlar etmək mümkündür, bütün filosofların nəzəriyyələrini bir saniyədə kirli sabunlu suya çevirmək zor bir iş deyil, onun yardımı ilə çap edərsə, marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsələn, dövrün taktikasına görə, Şeyx Şamili ən böyük demokrat deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq, Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, generalsimus Suvarovu qan içici çar yaltağı göstərmək, sonra isə onların adına ordenlər təsis etmək, çar zabitlərinin rütbələrini çiyinlərindən kəsmək, sonra isə çar rütbələrini öz çiyinlərinə taxmaq; və ya kilsə sərvətlərini kimi kilsələri qapadıb bütün din xadimlərini güllələmək, dini xalqın tiryəki deyə adlandırmaq, 25 ildən sonra isə “Allahsızlar cəmiyyətini” dağıdaraq rus ortodoks kilsəsinin birinci sitayişkarı kimi panisiavizm, panislamizm, pangermanizm və s. olmağa diamat icazə verir. Diamatın necə bir elm olduğu yuxarıda göstərdiklərimizdən bəllidir. Yuxarıda göstərdiyimiz kimi dialektik materializm universaldır, o insan yaşayışının bütün sahələrini əhatə edir, başqa bir ideologiyanın sızması üçün heç bir işıq yeri buraxmır. Dialektik materializmdə əsas məsələ təfəkkürün (fikriyyatın) materiya ilə qarşılıqlı münasibətidir. Diamata görə materiya primat, təfəkkür isə predikatdır... Bunu Lenin “Materializm və empiriokritisizm” əsərində belə izah edir: “Təfəkkür materiyanın bir funksiyasıdır”. Həqiqət isə bunun əksini göstərir. İnsan öz düşüncəsinin qüdrəti ilə təbiəti və iqtisadiyyatı dəyişdirir və onlardan istifadə edir. İctimai həyat keçmiş nəsillərin elmi, mənəvi və iqtisadi müvəffəqiyyətlərinin üzərində qurulur. Yalnız bu müvəffəqiyyətlərə istinadən insaniyyət irəliləyə bilər. Materiyanın, təfəkkür üzərindəki üstünlüyü haradadır? Bu nəzəriyyəyə görə, təməl istehsal qüvvələri və ona uyğun istehsal münasibətlərindən ibarətdir. Bu təməlin çökməsi ilə üstqurum da yəni, təfəkkür də, elm, fəlsəfə, mənəviyyat, ənənə də çökməlidir. Nə zaman tarixdə belə bir hadisə baş vermişdir? Nəhayət, dialektika haqqında bir neçə söz: Məlumdur ki, ilk olaraq hər şey keçir, hər şey dəyişir” fikrini yunan filosofu Heraklit irəli sürmüş, sonralar bu fikri Hegel inkişaf etdirmişdir. Bolşeviklərin inanclarına görə dialektikanın əsas qanunlarından biri: bir formanın başqa formaya keçməsidir. Hərf-hərf belə deyilir: “Bir forma özünə büsbütün zidd olan başqa forma yaradır”. Əgər cəzalandırıcı Sovet xəncəri komminizmin özünə büsbütün zidd olan hansı bir forma yaradardımı, görəsən? Şübhəsiz ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommunizmə daban-dabana zidd olan demokratiya olacaqdır. * * * Koreyada Sovet təcavüzünün məğlub olması (Koreya hadisələrinin 2 illiyinə) Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır. Kreml Koreyada müharibəyə başlayaraq, çalışırdı ki,müharibə alovunu bütün dünyaya yaysın. Siyasi Büro istəyirdi ki, gələcəkdə bütün Asiyaya müharibə yaymaq məqsədilə Yaponiyaya hücum etmək üçün Koreya hadisələrindən istifadə etsin. Eyni zamanda sovetlər öz süni peyklərindən istifadə edərək, Avropada qızğın müharibəyə hazırlıq görürlər, Şərqi Almaniyada yüksək çalışqanlıqla öz silahlı qüvvələrini bərpa edirlər, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbər edirlər. Sovet imperialistləri başladıqları dağıdıcı müharibəyə uzun müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismində, ərazisini isə Uzaq Şərqdə müharibə etmək üçün istifadəyə yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar sovet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Sovet təcavüzkarları Cənubi Koreyaya hücuma hazırlaşarkən hesab edirdilər ki, bu hadisələr Şimali koreyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız olacaq. Lakin sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları «könüllü» adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq». Burada Stalinin «Hərbi doktrinası»nın qısa və dəqiq xarakteristikası verilib: Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və «alçaldılmışların» və «təhqir olunmuşların» himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu. Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə alınıb, hesablanıb və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxardacaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məğlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbini son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. Çünki bütün xalqlar kimi Koreya xalqının da hüququ var ki, öz həyatını sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər hansı bir xeyirindən istifadə etsin. Sovetlərin Koreyadakı təcavüzkarlığının ilk günündən etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına daxil olan bütün ölkələrin hərbi gücü sürətlə yüksəldi. Sovet imperialistlərinin yeni dünya müharibəsinə açıq-aşkar hazırlığı azad ölkələri daha da bir-birinə bağlayır, yaxınlaşdırır, digər tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, onların yoxsulluğunu və əzabını artırır, çünki sovet hərbi istehsalının artması onsuz da sənayenin az sayda olan sahələrinin hesabına baş verir. Siyasi büro Leninin «zəncirdəki əsas nöqtə» nəzəriyyəsindən çıxış edərək əsas hərbi meydan qismində Asiyada Çini, Avropada isə Almaniyanı təyin edir. Bu məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü yeni müharibə azad dünyanı məhv etməli və Siyasi Büronun hökmranlığını təsis etməlidir. Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. Sovet imperializminin rəhbərləri öz düşərgələri ilə demokratik düşərgə arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya müharibəsini başlamağı və dünyəvi hökmranlığı əldə etməyi planlaşdırırdılar. Stalinin dünyadakı hökmranlıq planları Hitlerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixində ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sayılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni zamanda olmasına inanmır və Kreml tərəfindən əsarətə alınmış xalqların azad etməsini özünün əsas işi hesab edir. Azad xalqların müasir mücadiləsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommunizmə qarşı yox, həmçinin yeni müharibənin və beynəlxalq Çekistin təşkilatçısı olan dünyanın bütün xalqlarının azadlığına və milli müstəqilliyinə qarşı çıxan Sovet imperializminə qarşı yönəlmişdir. Vahid azad dünya uğrundakı hərəkatın artması nəinki, Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həmçinin bu onları qorxudurdu. ABŞ-ın rəhbərlik etdiyi vahid azad dünya uğrundakı hərəkat və Alan Kerkin rəhbərlik etdiyi Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan sovetlərin təsiri altında olan xalqların qələbəyə inamını gücləndirirdi. Demokratik gücün möhkəmliyinin zəmanətçisi azad xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlarla sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi ki, əgər sovet imperialistləri ІІІ Dünya müharibəsinə başlasalar, onda bu ittifaq axırıncı imperializmə – sovet imperializminə son qoyacaq! Qanlı Sovet imperializmi tarixin dəhşətlərini unudaraq, öz təcavüzkarlıqları və amansızlıqları ilə Hitler imperializmini üstələdilər və Hitler imperializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa doğru addımlayır. * * * Kommunizm-Utopiyadır Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir? Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”. "Quraq yeni bir aləm..." Bolşeviklərə görə bu yeni aləm, yenə də çeşidbaçeşid qeyri-proletar elementləri əleyhinə yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız sinfi mübarizə nəticəsində qurulmalıdır. Nəticə etibarilə proletar diktatorluğu qurulduqdan sonra belə, sinfi mübarizə nəinki, zəifləyir, əksinə, daha şiddətlənərək "yeni aləm quruluşunun" bütün sahələrini də bürüyür. Beləliklə, biz görürük ki, Stalinə görə sosializm quruluşu ancaq sinfi mübarizə əsasında mümkündür. Xalqın bütün təbəqələrinin qüvvələrini, qeyri proletar ünsürlər də daxil, sülhən sosializm quruluşuna cəlb etməyə cəhd etmək, proletariata, maksizmə xəyanət olduğundan sosializm quruluşunu fəlakətə sürükləyə bilər. Buxarin və onun tərəfdarlarının qeyri-proletar ünsürlərini sülhən sosializm quruluşuna cəlb etmək nəzəriyyəsi və onların bu yolda səmərəsiz addımları və faciəli aqibətləri hər kəsə bəllidir. Milyonlarla insan qeyri-proletar, sinfi düşmən deyə damğalandı və kütləvi halda məhv edildi. Bu adamlar sırasında yalnız aristokratları deyil, Ordu və Donanma zabitlərini, məmurları, ziyalıları, qolçomaq deyə adlandırılan kəndlilərin ən zəhmətkeş qismini soydular və məhv etdilər. Məhv edilmiş beş milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər. "Stalin sosializminin" daha sağlam quruluşu üçün "qolçomaq quyruğu" damğası altında başqa kəndliləri də məhv etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə, partiyada, sənayedə, kənd təsərrüfatında, orduda, donanmada, elmi müəssisələrdə, müxtəlif "ünsürlər" məhv edilirdilər. Həqiqətən, komunizmin həyata tətbiqi dəhşətli oldu. Bütün insani həyatın əsaslarını sarsıdan kommunizm nəzəriyyəsinin çürüklüyünü və öldürücülüyünü, dünyanın altıda birində yaşayan bədbəxt insanların üzərində aparılan təcrübələrdə gördük. Hər dəfə sovet hökuməti kommunizmdən müvəqqəti çəkilməklə fəlakətdən qurtarmışdı. Məsələn, hərbi kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru gedirdi. Yeni iqtisadi siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq tanış olanlar bilirlər ki, NEP-in kom- munizmlə heç bir əlaqəsi yoxdur. Buna görədir ki, o müsbət nəticələr verdi və beləliklə, Lenin Sovet hökumətini yaşatmağa, bolşevik hökmranlığını davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın yüksəlməsini təmin etdi. Fəlakətdən qurtardıqdan sonra bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox! Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası, yox olub gedərdilər. Maraqlısı budur: çoxları mülahizə edir ki, əgər Lenin həyatda olsaydı, o zaman yaşayış başqa cür olacaqmış. Çünki Lenin kommunizmin çürüklüyünü başa düşdükdən sonra, ondan yan keçdi və kommunizmlə heç bir əlaqəsi olmayan yeni iqtisadi siyasəti yaratdı. NEP-in məhvi Stalinin günahıdır. Əgər bu mülahizələr doğrudursa, əgər Lenin özü komminizmin həyata tətbiqinə inanmırmışsa, nə deyək bu komminizmə. Budur, "Qanlı toxumu", qanlı meyvəsi olan proletar diktatorluğunun iç üzü. Proletar diktatorluğu da kommunist çərçivəsi içində yaşaya bilmədi. Kronstadt matrosları "kommunistlərsiz demokratiya" şüarı altında üsyan qaldırdılar. Bunun nəticəsində, proletar diktatorluğunu boğub, onu kommunist partiyasının diktatorluğu ilə əvəz etdilər. Leninin ölümündən sonra partiyada da müxalifət çıxdı, partiyanın da diktatorluğunu onu Mərkəzi Komitənin diktatorluğu ilə əvəz etdilər. Sonra isə hökmranlıq Siyasi Büroya keçdi və nəhayət Stalin təkbaşına hökmran oldu. Bu gün Sovet İttifaqını idarə edən Beriyalar, Malenkovlar, Molotovlar və Bulganinlər Stalinin idarəsini kor-koranə ifa edən kölələrdir. * * * Kreml hür dünyanın gözü önündə hüriyyət əleyhinə "Xalqlar" konqresi çağırdı Kremlin əmri və hüdudsuz maddi yardımı ilə (Kominternin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada "Xalqların Sülhü Müdafiə konfransı" açılmışdır. "Sülh hərəkatı" vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində başlamış və güclü pul sayəsində sürətlə genişlənmiş, 1949-cu ildə isə "Sülh tərəfdarları dünya konfransı" çağırılmışdır. Bu konfransdan sonra hür (azad) məmləkətlərdə "sülh tərəfdarları" milli təşkilatları qurulmuş və yuxarıda adı çəkilən mənfur "Dünya Sülh Şurası" meydana gətirilmişdir. "Dünya Sülh Şurası" Kremlin tükənməz yardımı və rəhbərliyi altında qaynar bir fəaliyyətdə olmuş, "millətlərarası gərginliyi yumşaltmaq" uğrunda çox çalışmışdır. Türlü məmləkətlərdə mitinqlər, toplantılar, görüşmələr tərtib edilmişdir. "Sülhçülər" xalqların ən geniş təbəqələrinə, müxtəlif dini, siyasi və sosial gorüşləri olan ən müxtəlif təşkilatlara, hərəkatlara, cərəyanlara soxulmağa müvəffəq olmuşlar. Tükürpədici yalanlar nəticəsində hür məmləkətlərin bir çox təşkilatlarını da Vyanaya qədər sürükləmişlər. Dünyanın ən müxtəlif sosial və ictimai təbəqələrinə soxulub onları sovet imperializminin xidmətinə qoymalı-Kremlin bu əmrini "Dünya Sülh Şurası" qısa zamanda artıqlaması ilə ifa etmişdir. Konfransa başqanlıq edən Fridrix Jolio-Kuri bu haqda qürurla məlumat vermişdir. O, kommunistlərə münasib paxıllıqla dünya kültürünün böyük adamlarının müqəddəs xatirələrinin çözülməsindən uzun bəhs etmişdir. Konfrans Sovetlər İttifaqı Kommunist Partiyasının 19-cu qurultayı qərarları üzrə cərəyan etmişdir: "Dünya sülhü uğrunda", "Koreyada hərbin durdulması uğrunda", "Xalqların hürriyyət və bağımsızlığı sarsılmaz sülhün zəruri şərtidir", "Millətlərin bağımsızlığı və təhlükəsizliyi uğrunda", "İki sistem paralel yaşaya bilər" və s. Köhnəlmiş və çürümüş "dünya kommunist inqilabı" şüarları ilə deyil, Kreml yuxarıda qeyd edilmiş yeni taktiki şüarları ilə müxtəlif cərəyanları, müxtəlif görüşlü adamları Vyanaya gətirməyə də müvəffəq olmuşdur. Bu konfransda Qərbin müharibəni önləmək yolunda bütün təşəbbüsləri "təcavüzkar" deyə damğalandı və "millətlərüstü təşkilatlar" məfhumu uyduruldu: Atlantik, Paris və Bonn müqavilələrini "millətlərüstü təşkilatlar" kateqoriyasına aid etdilər və millətlərin bağımsızlığına bir təcavüz deyə vəsfləndirdilər. İlya Erenburq İngiltərənin və Latın Amerikasının bağımsızlığının "yox olmasına" fəna halda "acıyaraq" bunları söylədi: "Keçmişdə insanlara öz dövlətinizin istiqlalını müdafiə etmək üçün həyatınızı fəda etməlisiniz deyirdilər. İndi isə onlara deyirlər: irəlidə həyatınızı fəda etmək üçün əvvəl öz dövlətinizin istiqlalını qeyb etməlisiniz". Bəli, Kreml daima bu tərzdə hərəkət etmiş və etməkdədir: əvvəl dövlətlərin bağımsızlığını çeynəyir, sonra isə onların haqlarını öz ehtiraslarına qurban edir. Əcəba, Sovet diktatorları hökm etdikləri millətlərin qeydsiz-şərtsiz istiqlallarını tanımağa heç yaxınlaşarmı? İlya Erenburq konfransda iştirak edənlərə milyonlarla neytralistlərin (tərəfsizlərin) hisslərini istismar etmək üçün göstərişlər vermiş və demişdir: "Neytralizm Qərb xalqlarının öz bağımsızlığı uğrunda yürütdükləri savaşın bir simptomudur". Qərbi Almaniya neytralistlərin hərəkətlərini və fəaliyyətlərini öyrəndikdən sonra bütün neytralistlərə Kremlin bu əmrini açıqladı: "Qərbə qarşı qışqırın - onda "bizimləsiniz", amma Moskvaya söyləyin: "biz sizinləyik". Əslində "neytrallıq" belə olmalıdır. "Xalqların Sülhü Müdafiə konfransında" hər şey Kremlin istədiyi kimi olmadı. İtaliyalı Alessandra Piaycionun ifşası bomba kimi partladı. Britaniya nümayəndəsi Harmonun söylədikləri: Sovetlər Hind layihəsini rədd etməklə, hərb əsirlərini Sovetlər İttifaqında saxlamaqla dünyada əndişəli vəziyyət yaratmışlar. Vışinskinin Hindistan sülh layihəsi əleyhinə kəskin çıxışı sülhə olan son ümidləri suya batırdı. İsveç yazarı Erik Axel Blomberq sovetlərin kiçik dövlətlərə qarşı təcavüzkar olduğunu söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet siyasətçiləri başqa xalqların psixolojisi ilə heç hesablaşmaq istəmirlər. Hər kəsə məlumdur ki, "xalq demokrasiləri" Sovetlərin zoru ilə yaranmışlar. İsveçrəli Hüqo Kramer öz çıxışında İlya Erenburqa müraciət edərək soruşmuşdu: "Elə düşünmürsünüz ki, Amerika əleyhinə etdiyiniz ittihamlar sırf Sovetlərə qarşı edilməlidir". Bu şəxsiyyətlərin çıxışları haqda sovet mətbuatı bir kəlmə belə yazmır. Amerika əleyhinə çıxışlar isə təfsilatı ilə bütün sovet mətbuatında nəşr edilmişdir. 12 yanvar 1953-cü il tarixli "Pravda" "Xalqlar konfransının qərarlarını kütlələrə yetirməli" başlıqlı baş məqaləsində yazırdı: "Konfrans yeni hərb təhlükəsinin qarşısını almaq üçün xalqların beynəlxalq hərəkatı tarixində mühüm mərhələ oldu... Konfransın qərarlarını müzakirə etmək üçün indi hər yerdə böyük ruh yüksəkliyi şəraitində kütləvi mitinqlər və iclaslar keçirilir. Milanda, Romada, Turində və İtaliyanın başqa şəhərlərində bu cür mitinq və toplantılarda minlərcə insan iştirak etmişdir. Çinin şəhərlərində, Varşava və Budapeştdə, Paris və Brüsseldə də zəhmətkeşlərin kütləvi mitinqləri olmuşdur. Mitinq və toplantılarda xalqlar konfransının nümayəndələri çıxış edirlər". Əslində "Pravda"da Sovetlərin Hür Dünya xalqlarını hürriyyət əleyhinə səfərbər etmələrindən açıqca və həyasızca yazır. "Xalqlar Konqresi"nin "sülh", "istiqlal", Koreyada hərbin qurtarması" və s. haqda çıxardığı qərarların mahiyyətini Avstriya Daxili İşlər Nazirliyindən öyrənirik: "Xalqların Sülhü Müdafiə Konfransının" gizli komissiyasında bu qərar verilmişdir: bütün dövlətlərdə sülh tərəfdarları təşkilatları nəzdində xüsusi bürolar qurulmalı ki, məmləkətlərin silahlanmaq işlərinə nəzarət etsinlər və hər böyük hərb istehsalatı fabriklərində bu büroların nümayəndələri olmalıdır. Bunlar silahların miqdarı, növü və xüsusiyyəti haqqında məlumat toplamalıdır". Qısası, "sülh", "bağımsızlıq" yolu ilə sovet casusluğu hür məmləkətlərdə qanunlaĢdırılmaqdadır. Əcəba, Komintern Moskvada oturarkən və "dünya kommunist inqilabı" bayrağı altına xalqları çağırarkən bu qədər təşkilatları, cərəyanları, hərəkatları Kremlin xidmətinə çıxa bilərdimi?.. Halbuki, "Dünya Sülh Şurası" Hür Dünyada yerləşərək "sülh", "bağımsızlıq" və s. uğrunda savaşaraq kommunizmlə heç bir əlaqəsi olmayan türlü təşkilatları, cərəyanları və geniş xalq təbəqələrini sovet imperializminin xidmətinə qoymuşdur. Beləcə, həqiqi hürriyyət savaşçıları olan antikommunist qüvvələrinin laqeydliyindən Kreml hür insanların qüvvəsi ilə hürriyyətə hücum edir. Saysız, hesabsız antikommunist cəmiyyətləri, təşkilatları satıcılar kimi təkbaşına çalışırlar. Dağınıq halda olan antikommunist ictimai təşkilatlarının birləşərək tək və hür bir Dünya uğrunda böyük bir hərəkat yaratmalarının zamanı artıq gəlmişdir. Bu hərəkat bütün dünya hürriyyəti uğrunda sovet imperializminə qarşı amansız mücahidəyə keçməlidir. Daima olduğu kimi, yenə də Azərbaycanın səhifələrindən bütün antikommunist təşkilatlara müraciət edərək tək və hür bir Dünya hərəkatı yaratmalarını rica edirik. «Azərbaycan» jurnalı, Münhen, 1953-cü il yanvar, № 8 * * * Sovet–Fin hərbi (Sovet–Fin hərbi bitməsinin 3-cü ildönümü) İLK HƏFTƏ Ən mühüm Vıborq istiqaməti sayılırdı. Bütün gözlər 7- ci orduya dikilmişdi. Mərkəzdən göndərilmiş yüzlərlə müfəttişlər, nə ordu kapitanı Yakovlevi, nə də qərargah rəisi Qordov ilə başqa qərargah zabitlərinə işləməyə imkan vermirdilər. Müharibə başlamamışdan bir həftə əvvəl Qızıl ordunun siyasi idarə müdiri Mexlis gəldi. Bütün qərargah zabitlərini, şöbə müdirlərini topladı və dedi: “Almaniya 33 milyon əhalisi olan Polşanı 18 gündə məğlub etdi. Biz kiçik, 3 milyon, 800 min əhalisi olan Finlandiyanı bir həftəyə məğlub etməliyik ki, bütün Avropa qarşımızda baş əysin.” Vıborqun iki həftəyə zəbt olunacağını proqnozlaşdıran qərargahın döyüş planına uzun müddət hamı güldü. Lakin finlərin gözqamaşdırıcı, qəhrəman müqaviməti rusların ildırımsürətli qələbə haqqında bütün xəyallarını puç etdi. Müharibənin birinci həftəsinin sonunda ordu kapitanı Yakovlev, qərargah rəisi Qordov və operativ şöbənin müdiri Malinin Finlandiyanı istila etmək planını vaxtında yerinə yetirmədikləri üçün vəzifələrindən çıxarıldılar. 7-ci ordu komandirliyi Meretskov, qərargah rəisiliyinə İsserson, hərbi hissə komandanlığına Jdanov və başqaları təyin edildilər. Finlər 7-ci ordunu ağır itkiyə uğradaraq plan üzrə olduqca yavaş-yavaş geri çəkilirdilər. Bəzən əks hücuma keçərək cəbhənin müxtəlif bölgələrində qızıl ordu hissələrini darmadağın edirdilər. Belə bir zərbə nəticəsində 70-ci Diviziya alayı böyük itki verərək 8 kilometrliyinə geri çəkilmək məcburiyyətində qaldı. Vəziyyətdən çıxmaq üçün 44-cü Diviziya sağ qanaddan alınaraq 70-ci Diviziyaya köməyə göndərildi. Hətta “yüksək şəxslərin” də orduya rəhbərliyi ruslara yardım etmədi. Uzanan müharibədə gündə minlərlə insan həyatı məhv olurdu. Ordunun yeni qərargah rəisi İsserson da öz vəzifəsində çox qala bilmədi. Fevral ayında onu vəzifəsindən ataraq Kalinin şəhərinə ehtiyat alaya komandir təyin etdilər. Diqqəti cəlb edən budur ki, bu adam qərargah rəisiliyinə gəlməzdən əvvəl diviziya generalı idi, on gündən sonra isə ordu generalı rütbəsinə yüksəltdilər. Qərargah rəisliyindən çıxarıldıqdan sonra isə albay rütbəsinə endirildi. Petsamodan Vıborqa qədər uzanan bu cəbhənin Şimal bölgəsində işlər daha bərbad halda idi. Sovet İttifaqı qəhrəmanı Şternin komandanlığı altında olan 8-ci ordunun diviziyaları mühasirədə qırılırdı. Voroşilovun əmrində Diviziya komandanı Vinoqradov əsgərlərin qarşısında güllələndi. Finlər Vinoqradovun donmuş cəsədinin tapıldığını xəbər verdilər. Bunun əksi olaraq Sovetlər Vinoqradovun sağ-salamat Diviziyain başında olduğunu elan etdilər. Göründüyü kimi finlərin xəbəri həqiqətə uyğun deyilmiş. Sovetlərin xəbərləri isə başdan-başa yalan idi. Nə komandanların dəyişdirilməsi, nə güllələnmə üsulu, nə də başqa zalımlıqlar Sovetlərə vəziyyəti öz xeyirlərinə dəyişməyə kömək etmirdi. Mannerheim xətti yarılmadan sarsılmaz qalırdı. Cəbhəyə Sibirdən yeni diviziyalar gətirildi. Ümumiyyətlə, üç ay içində 7-ci ordunun hissələri üç dəfə qüvvələrlə doldu. Mərhəmətsiz və mənasız tələfatlar bütün cəbhələrdə verilirdi. Bu yerlərdə Qızıl əsgər qanı ilə boyanmamış bir kvadrat metr torpaq belə tapılmazdı. Belə qısa bir zamanda bu qədər insan tələfatı hələ görünməmişdi. Donma təsiri altında ölmək insana qorxu verən bir hal almışdı. Əsgərləri xüsusən, minalar və “gu quşları” qorxudurdu. Bu minaların dəhşətindən əsgərlər torpağa addım basmağa çəkinirdilər. Torpağa etibar etmirdilər.Həqiqətən də bundan daha qorxunc heç nə ola bilməzdi. Hər hansı başqa bir silah bu qədər ruhsarsıdıcı qorxu verməzdi. Mina kəşfiyyatçılarının isə dəli olmasına tez-tez rast gəlinirdi. Həm əsgərlər, həm də nəqliyyat yalnız açılmış izlər üzərindən hərəkət etməyə çalışırdı. Bu səbəbdən yollar hər cürə maneələrlə dolu idi. Hərəkət büsbütün pozulmuşdu. Leninqraddan başlayaraq cəbhəyə qədər bütün yollar əsgər və nəqliyyatla dolu idi. “QU QUŞLARI” VƏ “MİNSK FİNLƏRİ” Qu quşu? Onları məğrur qartal adlandırırdılar. Bu adı onlar özləri qazanmışdılar. Bu ağ geyimli, “Suomi” avtomatı ilə silahlanmış, 40 dərəcə soyuqda düşmən əsgərlərini ağacın başında oturub güllə ilə kəsən Fin oğulları idi. İrəliləyən Qızıl əsgərlər hara baxacaqlarını bilmirdilər. Minaların üzərinə addım qoymamaq üçün yerə, yoxsa düşmən gülləsinə tuş gəlməmək üçün yuxarı baxsınlar. Lakin bütün bunlar hamısı boşuna idi. Çünki nə minalar, nə də “quqquq quşları” görünmürdülər. “quqquq quşları” nəqliyyatın hərəkətinə əngəl törətmək üçün yol üzərində minalar quraşdırırdılar. Bu minaları təmizləmək üçün maşınlardan düşənlər ağaclardan avtomat güllələri ilə vurulurdular. “Quqquq quşları” yollarda “müstetiller” qururdular, yəni dörd Fin əsgəri yolun üstündə, ağacların başında otururdu. Onların silahları yolun bu hissəsini tamamilə öz nəzarəti altında saxlayırdı. Onlar ancaq hərəkət edən dinc əhaliyə atəş açmırdılar. Amma əsgərləri, hərbçiləri bu “müstetile” buraxdıqdan sonra dörd tərəfdən onları atəşə tuturdular. Qızıl ordunun əsgərləri arasında itkilər çox olurdu. Gözləmədikləri halda atəşə məruz qalmış insanlar yolun kənarlarına atıldıqları zaman tez-tez “müstetilin” ətrafında basdırılmış minalara dəyirdilər. Sovetlər Finlandiya əleyhinə Minsk “finləri” şıddetli siyasi hərbi də açmışdılar. Kuusineni kominternin bəzəkli sarayından çıxarıb əldəqayırma “Fin xalq hökumətinin” rəisi təyin etdilər. Bu marionet Fin hökuməti ilə müqavilə də imzalandı. Bu müqavilə Helsinkidə təsdiq olunmalı idi. Kuusinenin Fin xalqına müraciətləri, kitabları, deklarasiyaları gündən-günə Sovet qəzetlərinin sütunlarını doldurur, radio ilə yayılırdı. Bu çıxışlarda Kuusinen Finlərə, silahları öz hökumətləri əleyhinə çevirməyə dəvət edirdi. Buna cavab olaraq Finlər milli şərəf, heysiyyət və qürurlarını müdafiə edərək daha şiddətlə vuruşurdular. Kuusinen hökumətinin bir xalq hökuməti olduğunu isbat etmək üçün Sovet qəzetləri tez-tez Kuusineni “Fin xalqı” ilə görüşdürür və bu görüşlər münasibəti ilə xalqın “çılğın sevinclərini” təsvir edirdilər. Bir dəfə “Leninqradskaya Pravda” qəzetində yazılmışdı ki, guya Terioki şəhərində 40 min adamın iştirakı ilə mitinq olmuş və bu mitinqdə bütün əhali Kuusinen “Xalq hökumətini alqışlamışdı”. Belə xəbərə heyrət etdik. Çünki bütün Finlər evlərini yandıraraq geri çəkilirdilər. Teriodakı şəhərdə yalnız bir qoca qadın və yaşlı kişi gördük. Onlar da Fin deyil, estoniyalı idi. Bu qocalara geri çəkilmədiklərinə görə əldə olunmuş qənimətlərdən hədiyyələr verildi. Sovet qəzetinin bu uydurmasına təəccüb edib dostumdan “Teriokidə hər hansı bir Fin gördünmü?” – deyə, soruşdum. O, dedi: "Mən də sənin kimi nə Teriokidə, nə də başqa yerlərdə bir Fin belə görmədim". “Leninqradskaya Pravda” qəzeti daha böyük rəqəm göstərə bilirdi,məsələn, “təvazökarlıq” edərək 40 min göstərmişdi. Moskva tərəfindən bir “Finlandiya xalq ordusu” da təşkil olunmuşdu. Bu, ordunun əsgərlərinin az bir hissəsi Sovet Karelyasından toplanmışdı, əksəriyyəti isə ruslar, ukraynalılar və beloruslar idi. Bunlara 1939-cu ildə Polşadan oğurlanmış əsgər paltarları geyindirmişdilər. Onları döyüşə cəlb etmirdilər. Bu ordu hissələri “öz mərkəzləri” Helsinkiyə ilk səfərlərdə mahnılarla daxil olmaq üçün hazırlanırdılar. Bu “Fin xalq ordusu” haqqında qızıl əsgərlər arasında ağızdan ağıza belə bir lətifə yayılmışdı: “bir qızıl əsgər zəif bir səslə dostundan, Fin minasına heç rast gəldinmi, deyə soruşur. İkinci cavabında, mənim rastıma çıxan Minsk Finlərinin qabağında Fin minaları heç nədir,- deyir”. Belorusun paytaxtı Minsk şəhərindən toplanmış “Finlər” məlumdur ki, Finlandiyada Petsamodan Vıborqa qədər uzanmış bir cəbhə boyunu müdafiə etməyə məcbur idi. Finlərin əsgərlərinin sayı, hərbi güclərinin, top, tank və təyyarələrinin miqdarı sovetlərinki ilə müqayisə edilməyəcək dərəcədə az idi. Kareliyə bölgəsində isə Sovet əsgərlərindən və hərbi texnikadan boş bir nöqtə belə tapıla bilməzdi. Buna görə də təyyarədən atılan hər bir bomba hədəfə çatacaqdı. Finlərin hərbi texnikası olmadığından sovetlər əsgəri hissələrini hücum xəttinə qədər asanlıqla çəkib gətirə bilirdilər. Yalnız bu məsafədən Finlər tüfəng, avtomat və makinalı tüfəng atəşi ilə təsir edə bilirdilər. Amma mükəmməl təsir edirdilər. Az bir vaxtda ölülərdən təpələr yüksəlməyə başlamışdı. ORDENSİZ (MEDALSIZ), AMMA TƏZƏ REZİN Əgər Finlandiya Sovet-Fin müharibəsi dövründə Sovetlərin cəbhəyə tökdükləri hərbi texnikanın 25 faizinə malik olsaydı, o halda ilk bahara qədər Vıborqa yaxınlaşmaq belə mümkün olmazdı. İlk baharda isə bütün hərəkət dayanacaqdı. Çünki Finlandiyada ilk baharda hücum hərbi yürütmək, demək olar ki, imkan xaricindədir. Hətta Mart ayının əvvəllərində, 1940-cı il 6-9 mart tarixləri arasında donun açılması üzündən nəqliyyatın hərəkəti çox çətinləşdi. Bəllidir ki, Finlandiyada hücum hərbi üçün ən uyğun zaman yaz və qışdır. Buna baxmayaraq qızıllar bütün müvəffəqiyyətsizliklərinin günahını yazıq qışın boynuna atırdılar. Halbuki qoca qış bütün gölləri dondurmuş hava limanını, çölləri isə yollara çevirmişdi. Bütün müvəffəqiyyətsizliklərin günahı isə Sovet sisteminin özündə, bolşevik rəhbərlərinin istedadsızlığında və qabiliyyətsizliyində idi. Əsgəri hissələrinin özündə də qarmaqarışıqlıq çox idi. Bu qarmaqarışıqlığı da yuxarıdan Stalin, Voroşilov və onların müavinləri törədirdilər. Qızıl ordunun siyasi idarəsinin, NKVD və hərbi prokurorluğun törətdiyi əngəllər haqqında isə danışmağa belə dəyməz. Əsgər komandirlərı kimi dinləyəcəklərini, kimə tabe olacaqlarını bilmirdilər. Onlar vaxtlarını bu cür müfəttişlərə izahat verməklə keçirirdilər. Öz hissələri ilə məşğul olmağa isə az vaxtları qalırdı. 7-ci ordunun kapitanı Yakovlevin qərarına görə əsas zərbə ordunun sol qanadı ilə endirilməli idi. Hərbin 3-cü günü heç bir məna olmadan ona yuxarıdan əmr etdilər ki, əsas zərbəni sağ qanada keçirsin. Bu qanadda da Finlər qüvvətli müqavimət göstərdilər. Bundan sonra əsas zərbə yenidən sol qanada keçirildi. Bunun nəticəsində ordu hissələrinin qanaddan–qanada mənasız hərəkətlərində çox vaxt insan itkisi olurdu. Yüksək rəhbərlərin günahları və istedadsızlığı kapitan Yakovlevin üzərinə düşdü. Halbuki Yakovlevin əvvəlki qərarı ən doğru idi. Ümumiyyətlə, Finlandiyaya qarşı açılmış müharibə bir həftə yerinə üç ay yarım sürdü. Finlərin hesabına görə hər şəhid Fin əsgərinin əvəzinə on qızıl əsgər şəhid olmalı idi. Finlərin bu hesabları doğru çıxmadı. Bir Fin əsgərinin əvəzinə ondan daha artıq qızıl əsgər tələf oldu. Göründüyü kimi hər iki tərəfin hesabları doğru çıxmadı. Kuusineni Helsinkidə oturtmaq əvəzinə Sovetlər onun hökumətini dağıtmağa məcbur oldular. Hətta Vıborq belə müharibə ilə alına bilmədi. Yadımızdadır ki, “Leninqradskaya Pravda” hər gün yazırdı: “Vıborq mühasirəyə alınmış və bir neçə gündən sonra qızıl ordunun əlinə keçəcək.” Hərbi təbliğatda deyilirdi: “13 mart saat 12.00-a qədər uzanan hücum nəticəsində Qızıl Ordu Vıborqu zəbt etdi.” Halbuki, Vıborqu Finlər müqaviləyə görə təslim etdilər. Vıborq ətrafında kimin kimi mühasirəyə aldığı anlaşılmadı. Amma bu aydındır ki, üç ay yarım ordu tərəfindən alına bilməyən Vıborqu Sovet təbliğatı mart ayının 13-də beş-altı saat içində “zəbt etdi”. Əsgər və komandirlər ilk dəfə idi ki, Sovet şəraiti xaricində həyat görürdülər. Finlər tərəfindən evlərə girərkən insan təmizliyə, evin görkəminin zənginliyinə heyran qalırdı. Bu evlərin sahibləri sadə Fin zəhmətkeşləri idi. Bir dəfə Fin kəndlisinin evində istirahət edən qızıl əsgər hissələrindən–"taxtabiti və birələr onları narahat etmirlər?–deyə soruşduq. Buna cavab olaraq onlardan biri dedi: – “Yoldaş komandir, taxtabiti və birələri biz hüdud xaricində buraxdıq”, yəni Finlandiyanın hüdudu xaricində – Sovetlər İttifaqında. Həqiqətən də Finlandiyanın dövlət quruluşu, Finlandiya hökuməti vətəndaşlarının inkişafı, azad və xoşbəxt həyat sürməsi üçün bütün şəraitləri yaratmışdı. Finlandiya dövlətinin siyasəti insan şəxsiyyətinin azad inkişafına şərait yaradıb vətəndaşların hürriyyətini, zəhmətini, şərəfini və dəyərini qoruyurdu. Bütün bu nemətlərdən Sovet vətəndaşları məhrum idi. Buna görədir ki, Finlər bolşevizmə qalib gəlirdilər. Müharibənin gedişində və sonunda bol-bol mükafatlar paylanırdı. Minlərlə, on minlərlə adam ordenlərlə təltif edilmişdi. Bu münasibətlə Leninqradda belə bir lətifə danışırdılar: “Əvvəllər bir-biri ilə heç rastlaşmayan iki gənc (qız və oğlan) təsadüfən telefonla danışırlar, görüş vaxtı və yeri təyin edirlər. Sonda qız oğlandan soruşur -hansı gözəçarpan əlamətlərinizlə sizi tanıya bilərəm? - Oğlan cavab verir ki, mən ordensiz, medalsızam, amma ayağımda təzə rezin ayaqqabı var”.Təzə rezin ayaqqabı, palto, geyim sovet rejimində çox nadir tapılan şeylər idi. Üz qaraldan Finlandiya müharibəsindən sonra ordensiz adama rast gəlmək də çox çətin idi. Həqiqətən də bu müharibədə arabaçıdan tutmuş baş komandirə qədər bütün Fin əsgərləri orden və medallarla təltif olunmağa layiq idi. Bütün dünya Fin əsgərlərinin qəhrəmanlığına heyran idi. Finlərin həyatı və zəhmətsevərliyi daha böyük heyranlığa layıq idi. Ruhən və mənən bu böyük millətin insanlığa daha çox xidmətləri olacaqdır. * * * Kitabxana.az · https://kitabxana.az/authors/fetelibeyli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1954). Public domain (author died 1954). Original text only.