Əbdürrəhim bəy Haqverdiyev. Əsərləri Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) == Yeyərsən qaz ətini, görərsən ləzzətini == Yeyərsən qaz ətini, görərsən ləzzətini Keyfiyyəti-qəribədir ki, üç məclisdə tamam olur Əfradi-əhli-məclis HacıMehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – onun qardaşı, 45 yaşında Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Heydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qoca arvad, elçi, 50 yaşında Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında Əhvalat vaqe olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından dörd il keçir. * * * Əvvəlinci məclis Hacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə. Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başın qalxızıb üzünü tutur qapıya, nökəri çağırır. Hacı Mehdi. Ay gədə, Qiyas! Nökər (daxil olur). Nə buyurursan, ağa? Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavabgətirdin? Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən bu saat çağırım gəlsin. Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin? Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa. Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır gəlib müntəzirdir. Itil gözümün qabağından! Nökər (öz-özünə söylənir). Erməniyə koxa dedilər, çuxasını özgəyə götürtdü. İndi buna da ağa dedilər, qudurdu. Hacı Mehdi. Dodağının altında danışma. Çağır gəlsin! (Nökər gedir.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət buğda çörəyi qarın deşən olur deyirlər, doğru imiş. Mirzə Heydər (daxil olur). Səlaməleyküm. Hacı Mehdi. Ələykəssəlam, Mirzə! Buyur, buyur əyləş. (Mirzə əyləşir.) Əhvalın necədir, Mirzə? Heç görünməyirsən? Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazıram. Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Çoxdan gəlibsən, mənə heç xəbər etməyib. Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür buyurursunuz? Bəndə həmişə sizin müxlüsünüz varam. Mənim üçün belə zəhmətlər çox rahatlıqdır. Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm. Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz? Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm? Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək. Hacı Mehdi. Bir təvəqqəm var, mirzə, qorxuram əmələ gətirə bilməyəsən. Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz? Hacı Mehdi. Di onda qulaq as deyim. Mirzə Heydər. Bəli, buyurun, hacı ağa. Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm evə necə gəldim çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım. Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə ərdədir? Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, İmdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm. Mirzə Heydər (əlini aparır alnına və bir az fikrə gedir). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırsın, görək nə tövr edərik. Hacı Mehdi (üzünü tutur qapıya). Ay gədə, Qiyas! (Qiyas daxil olur.) Get Gülpəri qarıya deyilən ağam səni çağırır, səninlə işi var, tez deyilən gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (Nökər gedir.) Yaxşı, mirzə, İndi fikrin nədir? Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki! Hacı Mehdi. Nədir o zad, de görüm. Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır? Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil. Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi dedim, hər nə buyurursunuz yerinə yetirrəm. Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var işlət. Gülpəri (daxil olur). Salaməleyküm, hacı qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var? Hacı Mehdi. Gəl otur, İndi görərsən nə qulluğum var. Qulluğum çoxdur. (Gülpəri əyləşir qapının ağzında. Hacı üzünü tutur mirzəyə) Bu da Gülpəri! Mirzə Heydər (əlini salıb cibinə, kağız, qələmdam çıxarır). Hacı, hərçənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız. Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör. Mirzə Heydər. (Gülpəriyə). Gülpəri, bilirsən, hacı istəyir qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işİndir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək. Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç İndiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?! Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz. Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər. Gülpəri. De görüm nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən? Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən İndi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr gedər. Di İmdi səbr elə, duaları yazım. (Başlayır yazmağa.) Gülpəri. Yaxşı, yaz görək necə olar. Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin. Gülpəri (pulu alır). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqe edəcəyəm. Hacı Mehdi. Nədi, de görüm? Gülpəri. Mənim kiçik oğlum evdə bekar oturub. Xahiş edirəm ki, onu götürüm burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam. Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır. Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (Gülpəri gəlir mirzənin yanına) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də itpişik tükü ilə basdırarsan qəssabın darvazasının ağzında. Bunu da... Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun? Mirzə Heydər. Yox, pişik hər rəng olsa olsun, ancaq pişik olsun. Bunu da... Gülpəri. Dedim birdən deyərsən pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi hardan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram. Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü? Gülpəri. Niyə başa düşmədim, a başına dönüm? Mirzə Heydər. Bax, dəyişik salmayasan, hər birin öz yerinə qoy. Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki. Mirzə Heydər. Di get. Gülpəri istəyir getsin. Hacı Mehdi. Amma, Gülpəri, bax, dəxi mən demirəm nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə. Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağarıb. Əlli min tülkü fəndi bilirəm, hamısını salaram işə. Ancaq bizim gədəni bir tövr qoy. Hacı Mehdi. Sən arxayın ol. Ancaq sən işi düzəlt, hamısı asandır. (Gülpəri gedir.) İndi, mirzə, sənin dualarının təsirini görək. Mirzə Heydər. Hacı, siz heç mənim dualarıma şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman Ələyhüssəlamın dualarıdır. Çox mücərrəb dualardır. Mənim mərhum atam, Allah ölənlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı dönərdi xan, bəy qapısına. Arvad, uşaq sübhdən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə əlac edirdi. Birisi gəlirdi: molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çətinə düşüb. Görürdün bir dua yazdı verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayır. Gəlirdi atamın yanına: molla, başına dönüm, mənə bir əlac elə. Atam rəhmətlik döşün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı (əlilə göstərir), bir ildən sonra görürdün bir xələt götürüb gəlib, razılıq eləyir ki, molla, Allah sənin atana rəhmət eləsin, bu uşaq sənin duanın bərəkətindən olub. Mənim rəhmətlik atam az adamın fəryadına yetməyib. Cəmi aləm ona rəhmət oxuyur. Birisi dara düşəndə görürsən deyir, ax, Allah sənə rəhmət eləsin, ay Molla Zaman, mağul xalqın dadına yetirdin. Hacı Mehdi. Tanıyıram, ay mirzə! Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağçuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizing kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm. Hacı Mehdi. Bilirəm nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki, sənin məramındı. Ala, qabaqca sənə bir az xərclik verim, apar ver ətə-zada. (Əlini salır cibinə, istəyir pul versin. Bu halda Hacı Mehdinin qardaşı Ələsgər daxil olur.) Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan nədir? Saqqalının ağ vaxtında bu nə işdir tutursan? Ağlın başından çıxıbdır, nədir? (Üzünü tutur Mirzə Heydərə) A kişi, sənin burada nə işin var? Çıxıb getsənə göbək yazmağın dalınca! Adam tapmayırsan başına ip salıb oynatmağa! Dur buradan, xəbis! Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağİran var ki, gəlmişəm də! Ələsgər. Çox danışıb səni bura çağİran, səninlə belə! Dur buradan! Mirzə istəyir dursun. Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (Üzünü tutur Ələsgərə) Balam, dəli olmayıbsan ki? Utanmırsan, özündən böyük qardaşının bir hörmətini saxla. Ağlın başından çıxıb, nədir? Bir de görüm nə deyirsən? Mən sənin bu çığırmağında heç bir şey başa düşə bilmirəm. Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib. Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən? Ələsgər. Bircə de görüm Gülpəri qarı burada nə qayırırdı? Hacı Mehdi. Sənin nə borcundur nə qayırırdı? Gülpəri bir qarıdır, həmişə buralara gələr-gedər, genə gəlmişdi. Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax, bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyarlar dəli. İndi, qardaş, sən osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasıb qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağın var. Dəxi bu nə işdir? Hacı Mehdi. A gədə, sən mənə ağıl öyrətmə, mən öz işimi yaxşı bilirəm. Sən get bazara çərçiliyini elə. Sənin mənim işimə qarışmağın nahaqdır. Ələsgər. Qardaş, sən mənim çərçiliyimə rişxənd edirsən, heç eybi yoxdur. Amma bir vaxt olar, mən də gəlib deyərəm: qardaş, kefin necədir? O vaxt qorxuram başını yuxarı götürə bilməyəsən. (Mirzəyə) Allah sənin evini yıxsın, sən bu biçarəni yoldan çıxarmısan. Bu saat sənin ciyərini çıxardaram. Amma genə böyük qardaş yanında həya eyləyirəm. Əgər bayıra çıxarsan, mən billəm nə elərəm. And olsun Allaha, sənin başına bir oyun gətirəcəm ki, anadan əmdiyin süd burnundan gəlsin. Mirzə Heydər. Ay başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə el anasıyam, sən çağırırsan sənin işini görürəm, o çağırır onun, bu çağırır bunun işini görürəm. Ələsgər. Az danış, biiman. Dur buradan sağ-salamat, əlim sənə dəyməmiş çıx bayıra. Yoxsa səni bir el anası qayıraram ki, gəldiyin yolu azarsan, müftəxor! Hacı Mehdi. Ay qardaş, sənə bayaq dedim ki, get, çərçilik ilə, istiot, zəncəfil sat. (Mirzəyə) Mirzə, sən buna qulaq asma, dəlidir bu... Mirzə Heydər. Ay başına dönüm, elə ondan qorxuram ki, küçədəzadda məni biabır eləyə, yoxsa mən bilirəm ki, bu... Ələsgər. Qardaş, İndi sənin beynin qızıbdır, özünü itiribsən. Amma, bax, bir sözdü sənə deyib gedirəm, yadında saxla. Elə ki ikinci arvadı alıb gətirdin, bir gün olar hərəsi bir tərəfdən ağızlarını açıb ac qurd kimi səni yeyərlər, sonra düşərsən məndən pis günə. İndi mən gedirəm. Sən bu mirzə Heydər imansızla nə qayıracaqsınız qayırın, amma yeyərsən qaz ətini, görərsən ləzzətini. (Gedir.) Hacı Mehdi. Dəxi çox boş danışma, get, get. (Mirzəyə) A kişi, dəli əlinə düşmüşəm də. Gündə gəlir çığırır, bağırır, gedir. Mirzə Heydər. Hacı, sən elə ona tapşır ki, mənə küçədə-zadda bir söz deməsin. Yoxsa mənim bir az camaat içində hörmətim var, onu da tökər yerə, sonra biabır ollam. Hacı Mehdi. Arxayın ol, mirzə. Mən ona qulaqburması verrəm... Hə, yaxşı yadıma düşdü. Ala, bir az sənə cibxərcliyi verim. Allah qoysa, elə ki iş düzəldi, sənə bir yaxşı xələt verəcəyəm. (Pulu verir.) Mirzə Heydər (pulu alır). Evin abad olsun, hacı. Allah oğlanlarını saxlasın. Mən də gedim, axşamdır, bazara, bir az ətdən-zaddan alım aparım evə, qulbeçələr üçün. Xudahafiz. Hacı Mehdi. Xudahafiz, mirzə, xoş gəldin, bağışla, sizə zəhmət verdim. Mirzə Heydər. Xeyr, hacı ağa, mən həmişə sizin nökərinizəm. (Gedir.) Hacı Mehdi (tək). Çox yaxşı. İndi görək iş necə olacaq? Elə ki mirzə öz dualarını tərif edirdi, dəxi lap yəqin düzələcək. Gülpəri də öz işində mahirdir. Ümid hər ikisinə var. (Nökəri çağırır.) Ay gədə, Qiyas! Qiyas! (Nökər daxil olur). Gəl qalyanı apar suyunu dəyiş, bir yaxşı doldur, gətir. (Nökər qalyanı götürüb gedir.) Amma gərək arvad isti sudan gələnə kimi işi tamam eyləyim, gəlib görsün iş-işdən keçib, məgər bir az qeylü-qal eylər, oturar yerində. Elə ki bir az çox danışdı, o tatarı, o onun canı. Bir-iki vurram, səsini kəsər. Pərdə * * * İkinci məclis Həmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır. Hacı Mehdi (tək). A kişilər, bu ikiarvadlılıq nə yaman şey imiş. Allah harada iki övrətlilər var, hamısının evini yıxsın, hamısını mənim kökümə salsın. Övrət gətirmədim, canıma bir od gətirdim. Axşama kimi dava-şava. Yediyim çörək də bu bihəyaların əlindən boğazıma getməyir. (Sənəm, Hacı Mehdinin əvvəlinci övrəti, daxil olur.) Genə nə var qaşqabağını tökübsən? Niyə qoymursunuz bu dünyada bir parça zəhrimar çörəyi rahat yeyək, beş vaxt namazımızı qılıb oturaq. Axı bu nə qalmağaldır? Səsiniz tamam qonşuları az qalıb köçürtsün. Ay Allah sizə nələt eləsin? Sənəm. A kişi, mən haçan qalmaqal elədim? Hacı Mehdi. İş gör nə məqama çatıb ki, dünən qonşumuz Kərbəlayı Rəcəb çıxıb qabağıma, deyir bəs filani, arvadım naxoşdur, çox bədhaldır. Gedib rus həkimi gətirmişəm. Buyurub ki, qoymayın küy-kələk olsun. Mən evdə uşaqlara qədağan eləmişəm, səslərin çıxartmasınlar. Amma sənin evinin hay-küyü azarlının aramını kəsib. Allah xatirinə, əgər mümkün olsa, evdə deyinən az qışqırsınlar. Ay bihəyalar, ayıb deyilmi? Axır mən belə sözlər eşidəndə əriyib ölürəm. Ay eviniz yıxılsın, bir həyanız olsun, bir abrınız olsun. Yenə it olub düşmüsünüz biri-birinizin canına! Sənəm. Ay kişi, vallah mənim səsim çıxmayıb. Dünən balaca uşaq gedib Güllünün bir yumaq sapını anlamayıb götürüb, aparıb uşaqlar ilə at-at oynayırlarmış. Bir də gördüm, uşağa elə qarğış eləyir ki, yer-göy titrəyir. Deyir səni görüm bədəninə o yumaq boyda yara çıxsın. Mən də peşman oldum dedim: niyə uşağa qarğış eyləyirsən, gəl bir yumaq sapını verim. Elə onu dediyimi gördüm, özüm də peşman oldum. Elə bil ayıya dəyirmançı dedilər. Urus barıtı kimi elə partladı, Dəxi nə deyim? Hər nə ağzına gəldi dedi mənə. dəxi məndə təqsir var? Istəyirsən hər kəsdən soruş, mən də lam-cim oturdum yerimdə. Niyə işin həqiqətinə getməmiş məni söyürsən? Hacı Mehdi. Heç arvadın dilini bilmək olmaz! Birinə deyirsən günah səndədir, atır o birisinin boynuna. O birisinə deyirsən, o da həmçinin. Dəxi lap naçar qalmışam, bilmirəm nə tövr eləyim, başıma nə çarə qılım. Sənəm. Bircə de görüm bu səs-küy, dava, qalmaqal qabaqlar niyə yox idi?! Kefin qalxdı, getdin bu ağsaqqal vaxtında təzə arvad aldın, arvad-uşağın ola-ola. Bircə de görüm mən sənə nə eləmişdim? Məndə nə yamanlıq gördün ki, getdin mənim üstümə günü gətirdin? Həm özünü biabır elədin, həm də mənim günümü qara. Hacı Mehdi. Dəxi yaxşı, bəsdir danışdın. Itil cəhənnəmə, başımdan açıl, ovqatımı təlx eləmə. İndi hərə gəlib mənə bir nəsihətçi olacaq. Sənəm. Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur? Hacı Mehdi. Sənə deyirəm baş-beynimi aparma, itil buradan, rədd ol! (Sənəm gedir.) Allah sizin kökünüzü yerdən qazısın. Gedim yıxılım yatım, bəlkə bir az bunların qalmağalından qulağım dincələ. Hacı gedir o biri otağa. Məclis qalır boş. Bir az vaxtdan sonra Hacı Mehdinin ikinci övrəti Güllü, dalınca Mirzə Heydər sol tərəfdən çıxırlar. Güllü. Mirzə, buyur içəri. Mirzə Heydər. Ay başına dönüm, xanım, hacı birdən gələr, məni burada görər, sonra dərimə saman təpər. Güllü. Qorxma, irəli gəl. Hacı çoxdan yatıb o yanda. Hacı elə bərk yatır ki, elə bil bir daşdır. Hərgah ayağına bir ip salıb sürüyəsən oyanmaz. Bəri gəl, qorxma. (Mirzə gəlir otağın ortasına) Bax, Mirzə, hərgah bu işdə mənə kömək eləsən, mən bilirəm ki, səni nə cür razı eləyəcəyəm. Bax, bir yaxşı tumanlıq Məşədi Imandan alıb arvadına bağışlayaram və özünü də hər tövr sənin razılığındır, elə razı edərəm. Mirzə Heydər. Xanım, sənin sağlığın mənə puldan da, maldan da, bəlkə mənim canımdan da artıqdır. Nə buyurursan? Mənə sənin peşkəşin lazım deyil. Təki sən sağ ol, sənin işin düzəlsin, sonra hamısı yola gedər. İndi, xanım, başına dönüm, tez ol, hər tövr dua buyurursan de, yazım. Birdən hacı gələr, sonra mənim nəfəsimi kəsər. Güllü. Qorxma, hacı daş kimi yatıb, işini arxayın tut. Bax, mirzə, dəxi utanmaq yeri deyil, gərək işin hamısını sənə açıb deyəm. Mirzə Heydər. Əlbəttə, gərək məndən heç bir şey gizlətməyəsən. Çünki biz məhrəmik, necə ki, övrət öz sirrin ərinə, qardaşına, oğluna açar, deyər, bizdən də gərək gizlətməsin. Çünki gizlətsə duanın bilmərrə əsəri olmaz. Güllü. Bilirəm a! Bax, hacı məni hərçənd təzə gətirib və təzə övrətin də hörməti, görmüşük, bir az kişinin yanında artıq olur. Amma hacı heç bilmir mən nəyəm. Məni Allah yaradıbdır, ya dəmirçi döyübdür. İndi bax, başına dönüm, mirzə, gör bir tövr eləyə bilərsənmi kişi heç olmasa mənə də bir yaxşı göz ilə baxsın. Mirzə Heydər. A xanım, belə işlər mənim əlimdə su kimidir. Bir dua yazaram, hacı əvvəlki arvadından bilmərrə soyuyar və cəmi məhəbbətini salar sənə. Amma belə duaların xərci bir az artıq olur. Əvvəla, gərək bir sarı toyuq ola, ancaq yumurtlamamış gərək olsun və bir para da dava gərək bazardan alınsın ki, həb qayırılsın, o toyuğa üç gün verim yesin. Üç gündən sonra haman toyuğu kəsəm, onun qanı ilə dua yazam. Güllü. Yaxşı, İndi sarı toyuğu biz burada hardan tapaq? Mirzə Heydər. Ay xanım, sən mənə pul ver, mən bazardan sarı toyuq alım aparım evə. Üç gündən sonra nökərini göndərərsən gələr, duanı aparar. Güllü. İndi mən sənə nə qədər pul versəm bəsdir? Mirzə Heydər (məkr edib barmağı ilə hesab edir). Davanın xərci bir az çoxdur və toyuq da alacağam. Xülasə, bir beş manat versən, bir sayaq elərəm. Güllü. Yaxşı, o duanı yazdın göndərdin, bəs mən onu hacıya necə verim? Mirzə Heydər. Bax, əvvəl duanı salarsan suyun içinə, bir az çarxalarsan. O dua suyun içində təmizlənər, sonra verərsən hacıya, içər. Onda görərsən ki, yavaş-yavaş hacı əvvəlki arvadından bilmərrə soyudu. Hələ mənim çox gümanım var, əvvəlki arvadı boşasın. Güllü. Ay mirzə, bəlkə toyuğun qanı suyun rəngini dəyişdi, sonra hacı duydu, onda necə olsun? Mirzə Heydər. Ay xanım, a başına dönüm, mən dua yazacağam, mən dəxi dua yerinə bizim Nadir şahın əhvalını yazmayacağam ki. Belə bir parça kağızın üstündə üç-dörd söz yazacağam. Salarsan bir yekə cam suyun içinə, heç məlum eləməz. Elə ki hacı gecə yarı oyandı, su istədi, onda verərsən içər, heç bilməz. Güllü. Çox yaxşı, onda gedib sənə pul gətirim, toyuq deyirsən, nə deyirsən, al. (Güllü gedir. Sənəm daxil olur.) Sənəm. A kişi, yenə burada nə qayırırsan? Sənin ayağın məgər bu evdən kəsilməyəcək?! Aləmin evini yıxıbsan, bəs deyil?! İndi bura gəlib, yenə iş görürsən? Ay Allah sənin evini yıxsın! Bir müddət gəldin-getdin, kişinin beynini yedin, mənim də günümü qara elədin, Allah sənin gününü qara eləsin! Əlimlə verdiyim duz-çörək sənin gözündən gəlsin! İndi nə var, yenə niyə gəlibsən? Mirzə Heydər. Xanım, başına dönüm, bir işə dürüst mültəfit ol, gör bir iş nə yerdədir. Sonra məni söy. Axır mənim təqsirim nədir söyürsən və deyirsən, sənin evini yıxmışam? Bilirəm dediyin nədir. Amma, xanım, bax, and olsun atamın ərvahına, mənim bu işdən bilmərrə xəbərim yoxdur. Elə yaxşı oldu söz açıldı. Mən İndi işin olubolacağını sənə açıb deyirəm. Mən bilirəm, sənə deyiblər: guya mən cadu yazdım, qəssabın qızını hacıya aldım. Amma bax, xanım, yenə and olsun atamın ərvahına, hacının evində yediyim duz-çörəgə ki, mənim bu işdən əsla xəbərim yoxdur. Mənə verdiyin duzçörək gözümdən gəlsin, hərgah mən bu barədə əlimə qələm almışam. Mən hacı ilə qədim aşna idim, həmişə gəlib-gedərdim. Yenə gəlmişdim. Ay xanım, mən məgər razı ollam ki, sənin üstünə hacı övrət alsın? Doğrudur, mən cadugərəm, amma elə adama yazıram, əslini-kökünü tanımayam, nəinki dostaşnaya. Ancaq mən sizə bir söz deyim: mən təəccüb edirəm, siz özünüz Gülpəri qarını tanıya-tanıya məni niyə söyürsünüz? Vallahı, xanım, məni söymək nahaqdır. Sən özün yaxşı bilirsən. Gülpəri qarı üçün cadu yazmaq lazım deyil. Ondan ötrü ki, o, özü başdanayağa cadudur. Istəsə nəinki, insanı, vallahı, şeytanı da yoldan çıxardar. Bax, xanım, yenə sizə deyirəm: yəqin biləsiz ki, mənim bu işdən əsla xəbərim yoxdur. Sənəm. Yaxşı, yaxşı. Eybi yoxdur. İndi bir az dur, sənə söz deyəcəyəm. Hərgah onu düzəltdin, onda səni qardaşımdan artıq istərəm və bilərəm də ki, sən bizim pisliyimizi istəməzsən. Əgər bir belə iş elədin ki, hacı ikinci arvadını çıxartsın, onda billəm cəmi dediyin sözlər doğrudur və əgər eləməsən, billəm dediyin sözlər hamısı yalandır, ancaq canının qurtarmaq istəyirsən. Mirzə Heydər (öz-özünə). Hə, yaxşı yerdə günü axşam elədim. (Ucadan) And olsun Allaha və atamın ərvahıan, sənin evində yediyim... Sənəm. Yaxşı dəxi, and içmə. Sözümə cavab ver. Bu işi düzəldəcəksən, yoxsa yox? Mirzə Heydər. Ay xanım, sənin xatırın üçün canımdan da keçərəm. Amma... Sənəm. Dəxi artıq danışma, amma-zad lazım deyil. Yazırsan, qələmdən, kağızdan cibindən çıxart, yaz, yazmayırsan dəxi amma nədir? Mirzə Heydər. Xanım, ay başına dönüm, dəxi nə üçün acıqlanırsan? Belə bax mənim bu gözlərim üstə. Bayaq ərz elədim ki, sənin xatırın üçün başıma and içirəm. Sənəm. Öz xatırın üçün başından keç. Mənə sənin başın gərək deyil. Tez ol, hər nə yazırsan, yaz görüm. Hacı oyanar, xəbərdar olar, sənin də işin pis olar, mənim də. Di tez ol. Mirzə Heydər. O işdən ötrü, xanım, dua yazmaq yaramaz. Gərək mis qab olsun. Odu ha, o mis qabı gətir buraya. (Sənəm mis qabı gətirir. Mirzə Heydər cibindən bir qarğı çıxardır.) Bir az mum olarmı səndə? Sənəm. Niyə olmayır, övrət xaylağı olar ki, mumsuz olsun? (Mumu çıxardıb, verir.) Mirzə Heydər kasanın üstünü dəsmal ilə örtüb dəsmalın ortasını verir Sənəmin əlinə, hər ikisi əyləşir. Mirzə Heydər. Ala, tut bu dəsmalın ortasından bax. Mən bu bıçaqla on üç dəfə vuracağam kasaya. On üç cin gələcək dolacaq bu qarğının içinə. Sonra mən qarğının ağzını mum ilə bərk bağlayacağam, verəcəm sənə. Sən də aparıb gecə qoyarsan hacının başının altına. Gecələr bundakı cinlər hacıya rahatlıq verməzlər, ta ki hacı təzə övrətini boşuyunca. Amma qabaqca gərək nəziri olsun. Ondan ötrü ki, bu dua bir şeydir ki, nəziri olmasa əsəri olmaz. Ələlxüsus bu işdə gərək nəzirini qabaq verəsiniz. Sənəm. Nəziri nədir, deyilən verim. Mirzə Heydər. Nəziri gərək, xanım, kağız pul olsun. Qoyacağam bu camın içinə. Çünki əcinnələr mis və gümüş puldan qaçırlar. Sənəm. Üç manat bəsdirmi? Mirzə Heydər. Niyə bəs deyil, ancaq kağız pul olsun. Sənəm (pulu verir). Di ala bu üç manatı. Allah qoysa yenə sənə pul verərəm, əgər iş düzəlsə. Mirzə Heydər. İnşallah düzələr. Di İndi gözünü yum. (Başlayır camı döyməyə. Bu halda Güllü içəri girir.) Güllü. Bu nədir, ay qardaş? (Mirzə və Sənəm qalxırlar ayağa) Ay bihəya, bu nə tac qurmaqdır?! Bu nə cadu yazdırmaqdır?! Sənəm. Bihəya sənsən! Həyasız, sənə nə? Sənə cadu yazdıran kİmdir? Mən mirzəyə tas qurdurmuşam. Balaca uşaq gecələr yatmır. Güllü. Yalansa balaca uşağın vayına oturum, ağlayım. Bihəya, niyə yalan deyirsən? Adam başına qəhətdir aldatmağa? Qapının dalında durub hamısını eşitmişəm! Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Sənəm (çığıra-çığıra). Ay bihəya, kimin uşağının vayına oturursan? Güllü (ucadan). Belə hər kəs mənə cadu yazdırır, ona deyirəm. Sənəm. Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram, əlindən gələni beş qaba çək! Güllü. Ay səni görüm dünyada ağ gün görməyəsən! Ay səni görüm dörd balan bir ildə yuyulsun! Axı mən sənə neyləmişəm? Sənəm. Belə mənim dörd balamın azarı-dərdi-bəlası tökülsün sənin bircə istəkli qardaşının üstünə! Güllü. Ay həyasız, kimin qardaşına qarğış eləyirsən! And olsun qardaşımın canına, saçından tutub bir ağac yol sürərəm! Mirzə Heydər. (öz-özünə). Yavaş-yavaş buradan qaçmaq məsləhətdir. Yoxsa mənim də dərimi boğazımdan çəkərlər. (Çıxıb qaçır.) Sənəm. Mənim saçımı tutan hələ anasından olmayıb! And olsun Allaha, sənə bir od vurram ki, gəldiyin yolu azarsan! Güllü. Bircə dayan. O dua yazan necə oldu? Hələ mənim işim onunla çoxdur. Hacı gözünü silə-silə çıxır. Hacı Mehdi. Ay qırılmışlar, ay bihəyalar, məgər səsiniz kəsilməz, məgər qoymazsınız bir az yatıb dincəlim. Allah sizin toxumunuzu yer üzündən götürsün. Güllü. Mən nə eyləyim? Görmürsən arvadın nə qayırır? Gedib cadu yazan gətirib mənə tas qurdurubdur. Hacı Mehdi (gedib tatarını gətirir). Ay Allah sizə lənət eləsin. Yəni nə vaxtacan mən sizin hay-küyünüzə tab gətirəcəyəm? Dəxi canımı boğazıma yığdınız! (Övrətləri vurur.) Canımı boğazıma gətirdiniz, gətirdiniz! Allah sizin canınızı boğazınıza yığsın. Allah sizing kimi arvadlara lənət eləsin! (Övrətlər qaçırlar. Hacı Mehdi nəfəsini verə-verə oturur.) Ay pərvərdigara, tezlik ilə ya məni öldür bunların üzündən xilas elə, ya bunları öldürgilən, bəlkə mən dünyada bir arxayın nəfəs alım. (Durur gedir qapının birini açır, Sənəmi çağırır.) Sənəm, buraya gəl. (Qayıdır o biri qapıya) Güllü, buraya gəl. (Sənəm və Güllü hərəsi bir qapıdan girirlər, dayanırlar qapının ağzında.) Bax deyirəm sizə, and olsun Allaha və getdiyim Beytə, əgər bir-birinizdən şikayət edəsiniz, ikinizi də otanacan döyəcəyəm ki, lap dildən düşəsiniz. Gərək biriniz o birinizin səsini bilmərrə eşitməyə. Dəxi qonumqonşu təngə gəlib sizin çığır-bağırtınızdan. Bax deyirəm sizə, birinizin pişiyi o birinizin evinə gedə bilməz. And olsun Allaha, dərinizi boğazınızdan çıxardaram. Bax bu saqqal mənə haram olsun, əgər o tatarı ilə sizi öldürməsəm. Di gedin, itin gözümün qabağından. (Övrətlər gedirlər.) Ay Allah sizin kökünüzü kəssin! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü oturub tikiş tikir, öz-özünə danışır. Güllü. Vallah, bilmirəm dünyada nə günah eləmişəm ki, Allah məni bu odun-alovun içinə salıb. Qohum-qardaşdan, dost-aşnadan şərməndə eləyib. Bir gün bir qonaq gəlir, vallah bilmirəm ki, qabağına nə qoyasan yesin? İndi bu gün bacılığım gələcək, bilmirəm üzünə necə baxacağam. Kişiyə də Allah insaf verib. Deyəndə, a kişi, qonağım gələcək bu gün, başlayır söyməyə ki, Allah qonağına da lənət eləsin, özünə də. Deyir ki, məni siz dağıtdınız. Yalansa Allah səni dağıtsın, bundan da pis günə düşəsən! Hacı Mehdi (daxil olur köhnə paltarda, saqqalının yarısı ağ, yarısı qırmızı, çox pis halətdə.) Arvad, yenə nə var, öz-özünə danışırsan? Güllü. Nə danışacağam, görürsən oturub öz günümə ağlayıram. Hacı Mehdi. Balam, qəzanın işi belədir. Bizilən deyil ki! Bir vaxt var idi ki, pulumuz da var idi, malımız da, yaxşı hörmətimiz də. Amma İndi fələyin beli sınsın, çərxi tərsinə döndü, düşdük kasıb olduq. Əlbəttə, Allah belə məsləhət görübmüş, eybi yoxdur, Allah kərİmdir. Bəlkə yenə gələcəkdə əlimizə pul gəldi. Kim bilir olacağı? Sən ancaq Allaha şükür elə. (Cibindən çubuq çıxardıb çəkir.) Güllü. Mən də bilirəm Allah kərİmdir. Sən acından ölmək ilə Allah kərimlikdən düşməyəcək. Hələ bircə gör, bir azca pulun varsa, bir-iki manat ver, bacılığım gələcək, bu günləri görüm ona nə bişirərəm. Hacı Mehdi. Ay arvad, axır bu nə qonaqbazlıqdır? Gündə qonaq, gündə qonaq. Axır özün görürsən ki, mən lap dağılmışam, tərk olmuşam. Tanrının pendir-çörəyini də tapmayıram yeməyə. Ay biinsafın qızı biinsaf. Güllü. Mənə nə, istər yavan çörək ye, istər ac qal, o mənim borcum deyil. Arvad saxlayırsan, qeydinə qal. Pulun var-yoxdur, mənim nə vecimə. Hacı Mehdi. Elə mənim evimi dünyada arvad yıxmadı? Güllü. Yalansa yediyin, içdiyin iki burnunun deşiyindən gəlsin. İndi ki saxlaya bilmirsən, niyə məni aldın? Nə ölümdü, nə boğazına çatı salıbsan? Ver kağızı, kəbinim halal, canım azad. Çıxım gedim, bəlkə atam evində bir parça çörək yeyim. Hacı Mehdi. Sən Allah, dəxi bəsdir, ovqatımı təlx eləmə halətimin pis vaxtında. Dur bir az gör nə var, sübhdən acam. Güllü. Nə var, nə gətirim? Pendir-çörəkdi, sənin canın, nə qədər yeyəcəksən ye. Hacı Mehdi. Di tez ol qalx ayağa, hər nə verəcəksən ver. Güllü qalxır ayağa. Bir az pendir-çörək, bir qabın içində, gətirib qoyur hacının qabağına, çıxır gedir. Hacı Mehdi (baxır çörəyə). Ah pərvərdigara, bəndəni nə yaman günlərə salırmışsan. Bir vaxt var idi, mənim pulum, çörəyim həddən aşmışdı. Bir adam yox idi ki, mənim burada çörəyimi yeməmiş olsun. İndi sənə şükür, Allah, məni pendir-çörək ümidinə qoyubsan. Aşna, dost bilmərrə qaçıb dağılıb. Bir ruzigarın bivəfalığına bax ki, dünən gedirəm Hacı Vəlinin evinə, qədimdən aşnadır, küçədən baxıram görürəm, oturub namaz qılır. Gəlib qapını döyürəm, soruşuram, deyirlər evdə yoxdur. Ay dünya, haman Hacı Vəlidir ki, bir çörəyi o məndən, mən ondan ayrı yeməzdik. Qədimdə küçədən keçəndə hər kəs görsəydi məni, ikiqat olub baş əyərdi. Amma İndi görəndə heç salam da vermirlər. Guya məni heç tanımırlar. Ancaq daldan baxıb heyf edirlər ki, ay yazıq Hacı Mehdi, görün nə günə düşüb. Ay dünya, vay dünya... Mənim evimi arvad yıxdı. Axır mənim nəyimə gərək idi iki arvad ki, axırım da belə ola. İndi bir ev əvəzinə iki ev saxlayıram. Bu gün birisinin qonağı gəlir, sabah görürsən o birininki. Birisinə paltar alırsan, o biri qalxır ki, mənə də al. Allah ya məni öldürsün, ya bunları. Məşədi İman (qapının dalından səsi gəlir). Ay uşaq, hacı evdədir? Hacı Mehdi. Budur Məşədi İmran da gəlir, İndi pul istəyəcək. Borcluyam, nə deyim? Evdəyəm, buyur, buyur. Məşədi İman (daxil olur). Salaməleyküm, ay hacı, əhvali-şərif? Hacı Mehdi. Əleykəssalam, məşədi, buyur əyləş. Məşədi İman. Xeyr, hacı, əyləşməyəcəm. Amma bir neçə söz deyib gedəcəyəm. Hacı Mehdi. Buyur sözünü, məşədi. Məşədi İman. Hacı özün yaxşı bilirsən ki, mən bir alış-verişçi babayam, sənətimiz alqı-satqıdır. Bu gün gərək gedəm yaylağa, kürdlərdən yağdan, yundan yığam. İndi, başına dönüm, hacı, əgər mümkün olsa, bizim o iyirmi manatı iltifat eləyəsən. Hacı Mehdi. Məşədi Iman, ola bilərmi ki, bir az səbr eləyəsən? Əlbəttə, on günədək hər tövr olsa sənin pulunu, özümdən-özgədən, tapıb verərəm. Məşədi İman. Xeyr, hacı, dayana bilmərəm, sabah günortaya yola düşəcəyəm. Yoldaşlarım sabah gedirlər, gərək mən də gedəm. Sözün doğrusu, mən dəxi artıq gözləyə bilmərəm. Nə qədər gözləmişəm, bəsdir. Bir ay deyil, iki ay deyil, üç ay deyil. Gör mən necə adamam ki, bu çanacan səbr eləmişəm. Əgər bir ayrı adam olsaydı, gəlib sənin qapının dabanını çıxartmışdı. Hacı Mehdi. Ay Məşədi İman, heç olmasa iki gün dayan, səbr elə, Allah qoysa gavur borcu elərəm, papağımı sataram, sənin pulunu verərəm. Məşədi İman. Hər nə isə, hacı, çox yaman adamsanmış. Rəhmətliyin oğlu, pul alıbsan dörd aydır, ver çıxım gedim. Daha sözün nədir axı? Hacı Mehdi. Məşədi, eyibdir, niyə qışqırırsan? Sənə deyirəm ki, iki günədək pulunu verərəm, daha niyə çığırırsan? Məşədi İman. Axır məşədi evi yıxılmış başına nə kül töksün! Budur, iki aydır gəlirəm, gedirəm. Deyirsən sabah verərəm, sabah verərəm. (Qayıdır çıxır qapıdan çöldə çığırır.) Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. İndi əlac buna qalıb ki, bazara çıxanda tutam əbasını əynindən çıxardam getsin. Mən də bir bihəya adamam. Hacı Mehdi (gedir qapıdan çağırır.) Məşədi! Məşədi! Bir bəri qayıt. (Məşədi qayıdır içəri.) Məşədi, mənim pulum yoxsa, amma bir az hörmətim var. Mən heç vaxt razı olmaram ki, sənin kimi adam mənim üstümə əl uzatsın. Bir vaxt var idi, deyəndə ki, məşədi, sabah gəl pulunu apar, deyirdin, hacı, niyə tələsirsən, istəyirsən bir aydan, iki aydan, sonra ver. Amma İndi dünyanın üzü qara olsun, bir az əliaşağı düşmüşəm deyibən istəyirsən bazarda mənim əbamı çıxardasan. A kişi, utanmırsan? Eyib olsun, hələ bir çıxıb küçədə də darabara salıb, qonum-qonşuya eşitdirirsən. Məşədi İman. Ay başına dönüm, hacı. Nə eləyim, mən də bir kasıb adamam. Biz də alış-veriş əhliyik, gərək çörək qazanaq, yoxsa yox? Hacı Mehdi. Sən bilirəm, məndəki iyirmi manata möhtac deyilsən. Amma irəli gəl, söz deyirəm. (Məşədi İman yeriyir irəli.) Ala. (Cibindən gümüş saat çıxardır.) Ala, tut, hər şeyimi tələf etmişəm, amma bu gümüş saatı İndiyədək atamdan yadigar saxlamışam. Tut, mən razı olmaram ki, sənin kimi adamlar bazarda mənim abrımı töksün. Çünki sənin kimi adamlara çox çörək vermişəm. Al, bu saatı apar sat, pulunu götür. (Məşədi İman dayanır.) Niyə dayanırsan? Nahaq yerə dayanma, al bu saatı. (Saat hacının əlində, Ələsgər girir içəri.) Ələsgər. Bu nədir, o saatı ona niyə verirsən? Hacı Mehdi. Sənə nə, sənin borcun deyil. Bu sən qarışan iş deyil. Ələsgər. Necə mən qarışan iş deyil? (Məşədi İmana baxır.) A gədə, həyasız, utanmırsan bazar içində hacını biabır edirsən? Ay abırsız namərbud. Bir vədə var idi arşını beş şahıya satdığı çiti hacıya birə iki sırıyırdın. İndi iyirmi manatdan ötrü hacını bazar içində bədnam, rüsvay eləyirsən. A kişi, heç utanmırsan, heç qızarmırsan?! Hacının bu dəli qardaşı ölməyib, sağdır. Elə ki mən öldüm, o vaxt hacının qapısını kəsərsən. Ala, pulunu verim. Məşədi İman. Ay ağa Ələsgər, niyə acıqlanırsan? İstəyirsən heç almayım. Qurban olsun hacı ilə kəsdiyim duz-çörəyə. Ələsgər. Sən həyasız bu sözü qabaqca niyə demirdin? Bazar içində ona-buna deyirsən ki, gedirəm Hacı Mehdidən pulumu alım, hərgah verməsə biabır eliyəcəyəm. İndi deyirsən pul Qurban olsun qədim duz-çörəyə. Yalansa qədim duz-çörək gözündən gəlsin! Ala pulunu, (Çıxarıb verir.) Mən yenə gedərəm, alnımın tərin silə-silə yenə qazanaram. Ala, tut. Məşədi İman. Ağa Ələsgər, acığın tutmasın, pulunu qoy cibinə, sonra hacının pulu olar, verər. Ələsgər. Ala, tut pulunu, deyirəm sənə. And olsun Allaha, hirsimin tutmuş vaxtı səni o qədər vurram, şişib tuluğa dönərsən! (Məşədi İman pulu alır.) Di çıx buradan, qırışmal, məlun, tez ol! (Məşədi çıxır, qardaşına) A kişi, bu nədir, bu sənin adına-sanına dəyərmi? Bir parça çörəyin var idi, axır niyə tökdün itlərə, tələf elədin, özünü də bu günə saldın? İndi hər it-qurd üstünə əl açır. Sənə doğru söz deyəndə də cinin tutur. Hacı Mehdi. Qardaş, dəxi sənə mənim heç bir sözüm yoxdur. Durub başımı yarsan sənə bir söz demərəm. (Qəssab Nəbi girir içəri.) Nəbi. Salaməleyküm. Hacı Mehdi. Əleykəssalam, ağa Nəbi, buyur, buyur. Hamısı Əyləşir. Ələsgər oturur hacının yanında. Nəbi. Hacı, nə var, nə yox? Əhvalın necə keçir? Hacı Mehdi. Allaha şükür, görürsən də. Yaxşı-yaman dolanırıq. Nəbi. Bilirsən nə var? Mən bir işdən ötrü gəlmişəm yanına. Hacı Mehdi. Bəli, buyurunuz. Nəbi. Bu gün Güllü gəlib evə, ağlayır, deyir ki, mən orada dolana bilmirəm. Görünür korluq çəkir, ac qalır. Mən də, doğrusu, atayam, ürəyim qızıma yanır, yazığım gəlir və bilirəm də, siz bir az əli aşağı olmusunuz. Sənə də iki övrət saxlamaq çətİndir. Mənim qızım da, allaha şükür, sənin evində beş-altı ildir övrətlik edir. İndi ki uşağı-zadı da olmayıbdı, xahiş edirəm sizdən: gəl sən bu qızın talağını ver, aparım evimə, sənin də işin bəlkə bir az yüngülləşə. Hacı Mehdi. Ay ağa Nəbi, sən bu təklifi mənə eləmə. Çünki övrət boşamaq asan iş deyil. İndiyədək saxlamışam, yenə bir tövr səbr eləsin, bəlkə Allah yenə elə bir iş düzəltdi ki, əlimə pul saldım. Deyirlər vağzalda buğda bir az baha olub. Fikrim var ki, bir dövlətli adam ilə şərik olum. Pulu ondan, zəhməti məndən. Arpa, buğda aparam satam, bəlkə bir sayaq ola. Nəbi. Yox, hacı, sən gəl bu qızın talağını ver. Başına çevir, tək qızdır, uşaqsız-zadsız. Ələsgər. Qardaş, ağa Nəbi, vallah, çox yaxşı söz deyir. Dəxi niyə dayanırsan? Sən özün yaxşı bilirsən ki, iki övrət sənin boynuna bir yükdür. Məni öz tərəfindən vəkil elə, ağa Nəbi ilə gedim qazının yanına, talağını geri oxudaq, qurtarsın, getsin. (Yavaşca hacıya) A kişi, daha dayanmaq yeri deyil, başından elə bu bihəyanı getsin. (Ucadan) İndi sözün nədir, hacı? Hacı Mehdi. Balam, vallah heç bilməyirəm nə deyim, qalmışam naçar. Nəbi. Hacı, elə siz gəlin razı olun. Qədim dostluq da aramızda itməz, məni də özündən razı elərsən və öz işin də bir az yaxşı olar. Hacı Mehdi. Hərçənd bacardığım yerədək razı olmazdım, amma əlacım yoxdur. Qardaş, ağa Ələsgər, get Nəbi ilə qazının yanına, hər tövr buyurur, elə elə. Nəbi. Gedək, ağa Ələsgər. Hacı, Allah atanı behiştlik eləsin. Elə bil bir kəniz azad elədin. Ağa Ələsgər, buyur gedək. Ələsgər. Siz gedin, mən də yarım saatdan sonra dalınca gələrəm. Nəbi. Yaxşı, mən gedim dükana, orada səni gözlərəm, gələrsən dükana, bir yerdə gedərik. Ələsgər. Get, yaxşı bir saatdan gələrəm. Nəbi. Xudahafiz. (Gedir.) Hacı Mehdivə Ələsgər. Müşərrəf, müşşərəf, göz üstə gəldin. Ələsgər. Qardaş, beş vaxt namaz yerinə İmdi gündə on vaxt qıl. Gecəgündüz Allaha şükür elə ki, bu bihəyanın əlindən qurtardın. Hələ bircə de görüm Sənəm bacı evdədirmi? Hacı Mehdi. Evdədir, odur ha bəri otaqda, çağır gəlsin. (Ələsgər gedir,) Pərvərdigara, sənə çox şükür olsun, İndi bir az nəfəsim rahat oldu. Hərçənd kasıb olmuşam, var-yoxum əldən gedib, amma yenə atalar məsəlidir: azacıq aşım, ağrımaz başım. Əlimə az-çox, daşdan yumşaq, nə düşər, yeyib sənə çox şükür elərəm. Ələsgər ilə Sənəm gəlirlər. Ələsgər. Bax, Sənəm bacı, bu sənin ərin, sən də onun arvadı. İndi bir parça çörəyinizi yeyin, Allahınıza şükür eləyin. Mən də gedim bu saat gəlini sizin başınızdan rədd eləyim. Sənəm. Necə rədd eləyim? Ələsgər. Bəs sənin görünür işdən xəbərin yoxdur. İndi Nəbi gəlmişdi ki, hacı, qızım burada çox korluq çəkir, nə olar, onun talağını verəsən. Hacı vermək istəmirdi, amma mən təkid elədim, hacı razı oldu. İndi məni vəkil eləyib, gedirəm qazının yanına işi tamam eləyim. Sənəm (hacıya). Kişi, qulaq as. Bu ətəyimin qızılı, bu yaxamın qızıllı düymələri. İndiyədək hərçənd görürdüm, sən korluq çəkirsən, amma mən də öz qədrimi bilən adamam. Görürdüm o biri arvadın qızılgümüş içində gəzir, mən də gəzirdim. İndi onu başdan elədin, mən də bu ətəyimin otuz imperialını, yaxamın qızıllarını söküb verirəm sənə, apar sat, bir dükan aç, otur içində, qazan gətir, rahat yeyək, Allahımıza şükür eyləyək. Hacı Mehdi. Sənəm, mənim səndən çox xəcalətim var. Sənəm. Kişi, İndi keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Bilirəm, səndə təqsir yoxdur. Allah mərdümazarın evini yıxsın. Hacı Mehdi. Ələsgər, buraya gəl. (O üzündən, bu üzündən öpür.) Qardaş, sənin qədrini mən İndiyədək bilməzdim. İndi bildim ki, sən məni istəyirmişsən. Allah səndən razı olsun, necə ki mən səndən razı oldum. Qurbanın olum, Ələsgər, get o bihəyanı mənim başımdan rədd elə. Ələsgər. Bu saat gedirəm. İndi, qardaş, yedin qaz ətini, gördün ləzzətini. Bir də ağlını uduzma. Hacı Mehdi. Get, get, başına dönüm. (Ələsgər gedir.) Sənəm, sənin yanında mənim təqsirim çoxdur, məni bağışla. (Boynunu qucaqlayır.) Sənəm. Allah bağışlasın, kişi, keçən keçib, İndi gələcək fikrini çəkək. * * * == Dağılan tifaq == Dağılan tifaq Faciə dörd məclisdə, beş pərdədə İştirak edənlər N ə cə fbəy – mülkədar Sonaxanım – onun övrəti Süleymanbəy – onun oğlu Səlimbəy }Nəcəf bəyin dostu Aslanbəy } Nəcəf bəyin dostu Həmzəbəy } Nəcəf bəyin dostu Pərixanım – Sona xanımın bacılığı Nazlıxanım – Sona xanımın qonşusu MirzəBayram – şair və mömin şəxs Məşədi Cəfər. – sövdəgər Cavad – Nəcəf bəyin nökəri İmamverdi – dəllək Kərim – onun oğlu Birincicavan İkincicavan Birinciovçu İkinciovçu İsmayıl Əbdül Gəzən uşaqlar * * * Birinci məclis Nəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər də qoyulub. Nəcəfbəy (tək). Atalar məsəlidir: dünya beş gündür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzət damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığının yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur. Pulu yığır sandıqlara, üstündə mişovul pişiyi kimi yatır. Yediyi də nədir? Əncir, soğan və pendir. Yurdu itmiş, inək kimi otlayır. İndi ondan bir xəbər alan gərək ki, ay evin yıxılsın, bu pulları kimdən ötrü yığıbsan? Əgər özün üçün yığıbsan, boğazın tikilsin, niyə yemirsən? Əgər oğul-uşaq üçün yığıbsan, bil, axmaq, əbəs işdir ki, görübsən, çünki ata malı oğuluşaq üçün bilmərrə lazım deyil. Oğlun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. Oğlun pisinə, həmçinin, ata malı lazım deyil, çünki atası başını yerə qoyan tək hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq. Mənim barəmdə, pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü-işrətə, beş gün qara dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmasın və beş adam da sənə rəhmət oxusun. Ey an ki, dərin cəhan zi xud bixəbəri, Hər şamü səhər dər tələbi simü zəri. Sərmaeyi-tu dərin cəhan yek kəfənəst, Ura ki, güman nist, bəri ya nəbəri. Doğru deyib şair, çox gözəl deyib, çox gözəl deyib. Xudadan istərdim bu saat bu saat bu sözləri deyən şair mənim yanımda olaydı, onun boynunu qucaqlayıb, dodaqlarından öpəydim. Cavad (daxil olur). Ağa, bəylər təşrif gətiriblər. Nəcəfbə yBuyursunlar, buyursunlar. (Daxil olurlar: Səlim bəy, Aslan bəy və Həmzə bəy.) Baho! Ya Allah! Xoş gəldiniz, beş gəldiniz, bəs niyə əliboş gəldiniz? Səlimbəy (əyləşir, hamı əyləşir). Sən öləsən, çox əlidolu və başı ətli gəlmişəm. Bu saat iki yüz iyirmi beş manat cibimdə pul, kefim də gecələr ulduza hürür. Uduzmaqda da meylim yoxdur. Gəlmişəm görüm səni də bir xoruza yükləyə bilərəmmi. Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Bu saat Leylacla qumar oynamağa hazıram. Hələ, Nəcəf, mən ölüm, de görüm mənə bir üç yüz manat uduzmaqla aran necədir? Nəcəfbəy. Yavaş ud, boğazında qalar. Yenə kimin qulağını kəsibsən? Ey bu dünyada özündən bixəbər, axşam-səhər qızıl-gümüş axtaran adam. Bu dünyadan sənə maya bir kəfəndir, onu da güman yoxdur ki, aparacaqsan, ya yox Həmzəbəy. Mən evi yıxılmışın, mən oğlu ölmüşün, mən yurdu itmişin, mən küllüyü göyə sovurulmuşun. Belə haramın olsun, burnundan gəlsin, yorğan altında yeyəsən. Səlimbəy. Niyə yeyirəm yorğan altında, vallah oynaqlayaoynaqlaya yeyəcəyəm. Sənin malın ana südündən halaldır. Mal yeməyənin malın yeyərlər. Uşaq aşıq yığan kimi yığınca, ver biz yeyək, Allaha da xoş getsin, bəndəyə də. Aslanbəy (Həmzə bəyə). A kişi, mən sənə neçə dəfə demişəm, yenə deyirəm, gəlsənə saqqalının ağ vaxtında bu qumarı qoyasan yerə? Həmzəbəy. Xub, saqqalın ağlığının qumara nə dəxli var? Aslanbəy. O dəxli var ki, qocalıb ölürsən, bu gün, sabah, Allah qoysa, kəlləni ağardacaqsan, gəlib halvanı yeyəcəyik. Ayağının biri bu dünyada, biri qəbirdədir. Get namaz qıl, ibadət elə, oruc tut, pulun çoxdur, Məkkəyə get. Səlimbəy (Həmzə bəyə). A kişi, sən Allah, gör bir tezliklə ölə bilərsənmi. Könlüm bir yaxşı, ləzzətli qoca halvası istəyir. Həmzəbəy. Qadam, çox kötüklər üstündə çırpılar doğrayıblar. Allah qoysa yenə hamınızı mən yerə quyulayacağam. Bir də, canım, mən qoca deyiləm ki, adımı qoca qoyub məni yaxalayıbsınız. Dünyada qoca, ya cavan nə gəzir? Mənim barəmdə, dünyada nə qoca var, nə cavan. Bir naxoş var, bir səlamət. Saqqalın çox da olsun ağ, canın ki oldu səlamət, oldun cavan. Ya saqqalın oldu qapqara şəvə kimi, elə ki, gecələr sübhədək öhö!.. öhö! öhö!.. (öskürür) atıcı kimi pambıq atdın, oldun qoca. Nəcəfbəy. Özünə təskinlik ver, meyitini görüm, on səkkiz yaşın var. Səlimbəy. Hələ Həmzənin ölümü dursun qıraqda. Nəcəf, mən ölüm, Tirmə sağalıbsa bir ova gedək. Çoxdan getməmişik, könlüm qırqovul əti istəyir. (Həmzə bəyə) Həmzə, heç Nəcəfin Tirməsini görübsənmi? Qəribə tuladır, sənə tula deyirəm, daha bil nədir, bir at əvəzi. Həmzəbəy. Tula özünsən, ağzının sözünü bil. Nəcəfbəy. Səlim, mənim bilmərrə ovdan həvəsim kəsilib. Heç getməyə meylim yoxdur. Qədim əyyam yada düşəndə az qalırsan quşu da vurub öldürəsən, tulalara da iynə verib qırasan. Səlimbəy. Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü günə. Qədim vaxt murov vədəmdə görürdün ətraf bəyləri cəm olub ov binası qoyurdular. Quş ovu, ya qaban ovu. Axşamdan yüzbaşını çağırıb tapşırırdım, sabah ova gedəcəyəm, gərək hər bir mayəhtac hazır olsun. Yüzbaşı da ki, məsələsinə arifdi. O saat anlayırdı nə demək istəyirəm. Sübh durub görürdüm, mahalın qoçaq atlılarından neçə nəfər hər yaraq-əsbabları ilə hazır, müntəzirdilər. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlalla, brovhabrovla düşürdük yola, guya bir qoşun gedir. Gedib üç günlərlə meşələrdə, dağlarda ov edərdik. Amma İndi... Bir çolaq yabını minirsən, bir quşu şökküdürsən barmağıyın başına, onun da bir gözü kor, bir gözü də məyus. İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. İttifaqən qarğadan, quzğundan birisi qalxanda quşu buraxırsan dalınca. Görürsən evi yıxılmışın malı getdi kəndə toyuq üstünə qondu. Toyuq yiyəsi də bir odun yamadı böyründən, canı orada ağzından çıxdı. Ac, susuz, it günündə qayıdırsan evə. Hanı keçən günlər? Hanı murovluq zamanı?! Ax, bir adam olaydı, keçən günləri geri qaytaraydı, cəmi Həmzədən udduğum pulları ona verərdim. Həmzəbəy. Bir də gözündən gəlsin o pullar. Ay Allah sənə ölüm versin, a belə padşah qulluqçusu. Padşahdan alıb yediyin məvacib gözüyün iki deşiyindən gəlsin. Həmişə donluq alıb eyşü-işrətdə dolanıbsansa, yaxşı qulluq edibsən, mərhəba! Səlimbəy. Həmzə bəy, buyur söylə görək, sən nə qayırıbsan? Mirzə Bayram (daxil olur). Salaməleyküm. Nəcəfbə yƏleykəssalam, mirzə. Buyur əyləş. (Mirzə əyləşir.) Əhvali şərif? Mirzə Bayram. Lillahilhəmd, səlamət və ağanın vücuduna peyvəstə duagu varıq. Səlimbəy ( Həmzə bəyə). Bəli, buyur görək, ağa Həmzə bəy sahibqıran! Söylə rəşadətindən, vurduğundan, yıxdığından, hünərindən, pəhləvanlığından. Danış görək sən harada dam yarıb, dana çıxardıbsan, buz yarıb buzov çıxardıbsan? Həmzəbəy. Mən az qulluq etməmişəm. Mən sənin kimi yeyib yatmamışam. Mən padşah uğrunda özümü güllə qabağına verib, dava etmişəm, hünər göstərmişəm, çin və nişanlar almışam. Güllə dolu kimi başımdan yağıb, mən qılınc vurmuşam, zərbi-dəst göstərmişəm. Səlimbəy. Sənin zərbi-dəstinə Qurban olum. Bilirəm sənin hünərinin, davada qolunu ha belə qatlayıbsan (qolunu qısır çiyninə) ki, bəs qolum çolaq olub, tüfəng tuta bilmirəm. Həkim istəyib qolunu kəssin, əlindən tutanda qolunu uzadıbsan həkimin qabağına. Bunu cəmi Varşava davasına gedənlər bilirlər. Mən də bilirəm, mənim nənəm də bilir və cəmi şəhərin uşaqları da bilirlər. Bəylər gülüşürlər. Həmzəbəy. Xub, siz nə dişi pişik kimi hırıldaşırsınız? Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Səlimbəy, sən mənə çox sataşırsan, təvəqqe edirəm bir də mənimlə belə zarafatları eləməyəsən. Əvvəla, mən səndən yaşda böyüyəm, ikincisi, mən hünər göstərib nişanlar almışam. Sən onu heç vaxt dana bilməzsən. Nəcəfbəy. Həzərat, mən ölüm, zarafatı qoyun yerə, axırda dava salıb bizi də peşman elərsiniz. Çox pis şeydir zarafat, belədirmi, mirzə? Mirzə Bayram. Bəli, bəli, düz buyurursunuz. Əzzərafətü miqrazülməhəbbət. Cavad çay gətirir. Nəcəfbəy. Çaydan-zaddan götürün için, bir az acığınız soyusun. (Bəylər çay götürüb qabaqlarına qoyurlar.) Cavad, o şkafdan çaxır çıxart, buraya gətir. (Cavad çaxırı gətirib verir, Nəcəf bəy tökür çaya.) Mirzə, bağışlaginən, qulluğunda biəbədlik eləyirəm, amma adət eləmişəm, hərçənd pis adətdir, axşam çayını şərabsız içə bilmirəm. Mirzə Bayram. Bəli, əladətü kəttəbiətis-saniyə. Nəcəfbəy. Mirzə, şerin gəldi çatdı, çox yaxşı şeirdir. Artıq xoşuma gəldi, çox sağ olasan. Mirzə Bayram. Ağanın şan-şövkəti, cəlal-dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. O şeir bunların müqabilində bir nalayiq şeydir. Nəcəfbəy. Xeyr, mirzə, çox gözəl şeirdir. Əvəzində gərək sənə yaxşı xələt verəm. Bu saat bir məlfufə yazaram, aparıb verərsən darğaya, sənə bir çuval buğda, bir çuval düyü ölçüb verər, götürüb gələrsən. Mirzə Bayram. Allah oğlunuzu saxlasın. Xudavəndi-aləm öz vəhdətiyyəti hörmətinə sizin kimi bəylərin sayeyi-mərhəmətini biz kəmtərin bəndələrin üstündən kəsməsin. Inşallah! Amma ağadan tə- Zarafat məhəbbətin qayçısıdır Adət ikinci xasiyyət kimidir. vəqqeim budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləsiniz ayaqlarımı yerdən götürsün, həmişə sizə duagu olum. Nəcəfbəy. Xub, o da baş üstə. (Çağırır.) Süleyman! Cavad, Süleyma nı buraya çağır. (Cavad çıxır.) Bu saat Süleyman bəy gələr, deyərəm kağız yazar. Gedərsən kəndə, taxıl da götürərsən, yabı da verərlər. (Süleyman bəy daxil olur gimnaziya libasında, uzun birçək, papaq əyri, damağında papiros.) Süleyman, qadan alım, bir kağız yaz darğa Avanesə, Mirzə Bayram gələn kimi ona bir çuval buğda, bir çuval düyü və kənddəki boz yabını da versin. Süleymanbəy. Niyə, ağa? Buğda, düyü bəs deyilmi? Daha yabı niyə verirsən? Nəcəfbəy. Axmaq-axmaq danışma, nə deyirəm ona qulaq as. Süleyman bəy gedir. Aslanbəy. Nəcəf, mirzə gətirən nə şeirdir? Nəcəfbəy. Heç, bir tərifnamədir yazıb, mənə gətirib. Amma çox yaxşı yazıb, bir gün verərəm oxuyarsan. İndi əvəzində biz də gərək mirzənin xəcalətindən çıxaq. Mirzə Bayram. Xudavəndi-aləm cəlali-cəbəruti hörmətinə sizə dövləti-İbrahimi kəramət eləsin. Səlimbəy. Nəcəf, Allah mirzə demişkən, sənə dövləti- İbrahimi kəramət eləsin. Sən də mənə uduz. Aslanbəy. Nəcəf, axır sənin bu oğlundan heç mənim gözüm su içmir. Çox pis dolanır, pis adamlarla gəzir. Nəcəfbəy. Allah oğul sarıdan məni bədbəxt edibdir. Çox yaxşı oğlan idi. Yaxşı da oxuyurdu. Həmişə də müəllimlər razı idilər. Amma Allah səbəbin evin yıxsın. Tay-tuş oldu pis, İndi də şkoladan istəyirlər çıxarsınlar. Deyirlər oxumur və sair uşaqları da xarab eləyir. Əlacım ona qalıbdır ki, həmişəlik göndərim kəndə. Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Yoxsa, şəhərdə qalsa, cahıl-cuhul yoldaşları bilmərrə odunu-ocağını söndürərlər. İndi ki oxumadı, bəlkə mülkədar ola. Aslanbəy. Xeyr, Nəcəf, taqsır sənin özündədir. Uşağa öz vaxtında təlim verməyib, xarab eləyibsən. İndi onu kəndə göndərməyib, Mazandarana göndərsən, yenə ondan adam olmaz. Burada lotu-potu ilə gəzib qumar oynayır, kəndə gedib oğurluq, quldurluq eləyib, yol kəsəcək. Nəcəfbəy. Əzizim, mən nə pis təlim vermişəm, məndə təqsir nədir? Aslanbəy. Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı, İndi üzünə ağ olur, bir sözünə iki cavab verir. Məgər döyməklə uşaq adam olar? Nəcəfbəy. Bəs necə eləyim, əzizim? Uşaqdır, pis iş tutanda gərək döyəsən, yola gələ. Yoxsa mən oturub, qanmaz uşağa təhzibüləxlaq ki oxumayacağam. Aslanbəy. Təhzibül-əxlaq, filan lazım deyil. Sən uşaqla elə bir rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artsın. Sonra bir pis iş görəndə ki, üzünə bir az əyri baxdın, o saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz. Səlimbəy. A kişi, mən imanım, döyməkdən deyil. Mal yiyəsinə oxşamasa haramdır. Ot kökünün üstündə bitər. Atası gedən yolu oğlu da gedəcək. Ata qumarbaz oldu, oğul da qumarbaz olar. Ata şürbidir, oğul da şürbi olar. Bir ata ki bikar vaxtında oğlu ilə bir yerdə qumar oynaya, onun oğlu qumarbaz olmayıb, müctəhid ki olmayacaq. Nəcəfbəy. Sən niyə belə səfeh sözləri danışırsan? Mən nə vaxt onunla qumar oynadım? Səlimbəy. Sənətin nə idi, evin yıxılsın? Həmişə qış bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Yalan ki deyil. Sən uduzanda pul verirdin, o uduzanda lopuq alırdın. Bəylər gülüşürlər. Nəcəfbəy. Gərək ki, axmaq danışmağı özünə peşə eləyibsən. Süleymanbəy (daxil olur). Mirzə, buyur kağızı. Nəcəfbə yMənə ver, görüm nə tövr yazıbsan. Süleymanbəy. Nə tövr yazmışam, dediyini yazmışam. (Kağızı mirzəyə uzadır.) Nəcəfbə yBoş danışma, kağızı buraya ver görüm. Süleymanbəy (qeyzlə). Al, bu da kağız! Nəcəfbə yA balam, dəli deyilsən, başına at təpməyib, üstümə niyə çağırırsan? (Oxuyur.) Süleymanbəy. Nə qayırım, ay ağa, inanmırsan, guya mən özümdən də buraya bir şey artırmışam. Nəcəfbəy. Di yaxşı, rədd ol, çəkil başımdan. (Süleyman bəy gedir.) Buyur, mirzə, aparıb kənddə verərsən darğaya, necə ki, lazımdır əməl elər. Mirzə Bayram (durub kağızı alır). Xudavəndi-aləm öz izzətü cəlalı hörmətinə sizi və sizin övladınızı yer və göy bəliyyatından hifz eləsin. Mürəxxəs olaq qulluğunuzdan. Xudavəndi-aləm həmişə sizing kisənizi dolu və özünüzü ümid yolu eləsin, inşallah. (Baş əyib çıxır.) Nəcəfbəy. Xoş gəldin, mirzə! Səlimbəy. A kişi, S ü l e y m a nın sözünün qüvvəti, buğdanı, düyünü verdin yerində, molla adamdır, aparsın, yesin. Daha bu atı niyə bağışlayırdın? Nəcəfbəy. Rəhmətlik oğlu, sən mənim xasiyyətimi bilə-bilə nə üçün belə sualı verirsən? Sən özün bilirsən ki, mən heç vədə olanıma yox demərəm. Varlığa nə darlıq və bir də bu kişi bir adamdır ki, bu gün buradadır, sabah bir ayrı adamın qapısında görərsən. Peşəsi qapı-qapı gəzib pul yığmaqdı. Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at peşkəş elədi. El ağzı çuval ağzı. Bir azdan sonra eşidərsən, aləm danışacaqdır ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı. Bu mənim dünya xeyrim. Elə ki, öldüm, bir sureyi-ərrəhman oxuyub xətm elər mənə, ruhum olar şad, bu da mənim axirət xeyrim, daha nə istəyirsən? Səlimbəy. İnşallah, bir şıllaq da Hatəmi Tainin qəbrinə vuracaqsan. Xub, səbəb nədir ki, mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağzını buzov çatısı ilə bağlayırsan? Bir beş-on manat da bizə vermirsən? Barı, heç olmasa uduz, öləndə biz də sənə rəhmət oxuyaq. Mənim duam mirzənin dualarından yaxşı Allaha çatar. Elə bundan tut, mirzənin, budur, saqqalı düşüb qurşağına; amma zürriyyəti yoxdur. Gecə-gündüz Allaha yalvarmaqdan yorulub, namaz qılmaqdan möhür alnında yer eləyib, təsbeh çevirməkdən barmaqlarının başı göyərib. Amma mən, şükür olsun Allaha, namaz tanımıram, oruc tutmuram, bir sürü də uşağım var. Istəyirsən səbəbini biləsən, o da baş üstə. Qulaq ver, ərz eləyim. Mirzə deyəndə, bir pak, müqəddəs, Tanrı bəndəsi adamdır, Allah yanında çox əziz. Elə oturur dua eləmyə, Allah deyir ki, qoy bunun nə qədər ömrü var mənə dua eləsin, mən də qulaq asım. O da İndiyədək dua eləyir, zürriyyət istəyir, Allah da vermir, deyir bəlkə övlad verdim, xatircəm oldu, daha mənə dua eləmədi. Amma elə ki mən, düşəndə, bir dua eləyib Allahdan bir şey istəyirəm, görürsən o saat buyurur: “Verdim, ey mənim bəndəm, amma itil başımdan açıl, bir də sənin üzünü görməyim”. Istədiyimi alıb, otururam yerimdə. Beləliklə, Allahdan bir sürü uşaq almışam. İndi mənə heç olmasa bir-iki yüz manat pul uduz, öləndə bir yol deyim: xudaya, pərvərdigara, sən Nəcəfə behişti-əla qismət elə. O saat ruhun atılsın düşsün cəhənnəmin... mən də cəhənnəmin deyirəm... behiştin orta küçəsinə. Həmzəbəy. Belə ki duan müstəcəb olur, elə dua elə Nəcəfin pulunu ud. Daha niyə yalvar-yapış eləyib binəvanı tovlayırsan? Səlimbəy. O da mümkündür. Mən elə Allaha dua eləyib sənin qulağının dibindən kəsmişəm. Həmzəbəy. Haramın olsun! Səlimbəy. Vallah, ana südü kimi halaldır. Böylə pulla müstəte olub Məkkəyə getmək olur. Xəsis puludur, nə tövr çıxartsaq halaldır: haqla, nahaqla, oğuluqla, quldurluqla... Aslanbəy. Danışmaqdan fayda yoxdur. Qalxın ayağa gedək xeyir işə məşğul olaq, görək başımıza nə iş gəlir. Nəcəfbəy (çağırır). Cavad! (Cavad daxil olur.) Stol, filan hazır olubdurmu? Cavad. Bəli, bəy, çoxdan hazırdır. (Stəkanları yığışdırıb çıxır.) Nəcəfbəy (qalxır). Di buyurun qulluğunuzda olaq. Bəylər hamısı qalxıb o biri otağa tərəf gedirlər. Səlimbəy (çırtıq çalıb oxuyur). Uca barıdan aşaram, Yanıma kəniz qoşaram, Həmzəni mənə versələr, Cibinin pulun udaram, Atma daş, vurma daş, nar giləsi... Nəcəfbəy. A kişi, nə qayırırsan, dəli olmayıbsan? Səlimbəy. Sən öləsən, bu saat kefim belə kökdür, heç bilmirəm dünyada bəy kİmdir, xan kİmdir. Bu saat kefim Mavəraünnəhr havası çalır. (Oynaya-oynaya oxuyur.) Atma daş, vurma daş, nar dənəsiyəm mən... Atamın, anamın bir dənəsiyəm mən. Nəcəfbəy. Ay səni heç ata-ana yurdunda qalmayasan. İndi bu saat, Allah qoysa, kefinə soğan çırtarlar. (Boynundan tutub itələyir o biri otağa. Bəylər hamısı gedirlər. Sövdəgər Məşədi Cəfər daxil olub bəylər gedən otağa sarı gedir). Cavad (Məşədi Cəfərin dalınca daxil olur). Ay məşədi həcəmət, dayan görüm. Məşədi Cəfər.(dayanır). Nə buyurursan? Cavad. Gözünə dərd buyururam, canına da vərəm. Vədə verdiyin necə oldu? Məşədi Cəfər. Qoy bəylər oyunu qurtarsınlar, əgər qalsa, baş üstə, qalmasa, gələrsən dükanda çatar. Cavad. Sən öl, bu Cavad ölsün (əlini qoyur döşünə), gərək düz qırx manat verəsən. Yoxsa bundan sonra qapını üzünə bağlayacağam. Məşədi Cəfər. Qardaş, otuz manatı niyə qırx manat elədin, on manat da artırdın? Bizim şərtimiz budur ki, hər dəfə sənə on manat verim. Cavad. Sən bəylərdən yüz manata müamilə alırsan. Mənim də səndə otuz manatım qalıb, on manat müamilə istəyirəm. Sözün nədir, əzizim? Məşədi Cəfər. Xub, beş manat də sənə müamilə verrəm. Otuz beş manat, bugünkü ilə qırx beş manat. Sabah gəl dükana, nəqd, köz kimi sayım qulluğuna. Cavad. Yaxşı, sən deyən olsun. Bura bax, məşədi, mən ölüm, al bu əlli manatı, gör bəylərin birinə sırıya bilərsənmi, təməssükünü al gətir mənə. Məşədi Cəfər.(pulu alır). Xub, ver görüm, asandır. (Gedir.) Sona xanım (daxil olub xeyli vaxt bəylər gedən qapıya baxır). Yenə qumar... Yazıq mənim canım... Görəcəkli günlərim varmış... Pərdə * * * İkinci məclis Pərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var:bir sağdan, biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona xanım namazdan fariq olub, dizi üstündə dua eləyir. Sonaxanım (əllərini yuxarı qovzayıb). Əziz Allah, dərgahına qalxızmışam əllərimi. Sənə dua eləyirəm. Səndən kömək istəyirəm. Yoxdur mənim dünyada bir kəsim, savayı sən. Səndən mədəd istəyirəm. Cəmi əlsiz, ayaqsızlara, naəlaclara, zəiflərə, mərizlərə, mən o cümlədən. Mən də fəqirəm, mən də naəlacam, üstümə-başıma baxan həsəd aparır, amma çölüm özgələri yandırır, içərim özümü. Pərvərdigara, məgər sən övrət tayfasını yaradanda heyvan yaradıbsan, insane yaratmayıbsan? Məgər övrət tayfasını dərd, qəm çəkməyə yaradıbsan? Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlərimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən o günləri görəcəyik ya yox? Övrətsən, dinmə, kişi deyənə bax, öl deyir öl, qal deyir, qal! Qabqazandan başqa heç bir şeyə əl vurma. Vurarlar, səbr elə. Söyərlər, səbr elə. Pərvərdigara, sən adilsən, nə üçün biz övrət tayfasına olan zülmü götürürsən? Malımız kişinin, canımız kişinin, ixtiyarımız kişinin əlində. Ağzımızı açıb söz demək istəyəndə ağzımızın üstündən vururlar ki, övrətsən dinmə. Xudaya, əgər məsləhət belədir, nə üçün bizə dil veribsən, ürək veribsən? Kişi qurşanıb qumara, kəndlər bir-bir əldən gedir. Danışmaq istəyirəm, deyir kəs səsini. Mən də salıram ürəyimə. İndi budur, bu quru nəfəsim qalıb, bir az keçməz gedər, qayıtmaz. Ey yerin, göyün bir pərvərdigarı! Rəhm elə bizə, kömək elə bizə, bəlkə gələcəkdə bizim də sözümüz olsun (Süleyma n bəy o biri otaqdan çıxır. Əynində səyahət paltarı, ayağında uzun çəkmə, gəlib aynanın qabağında durub özünə təravət verir.) Süleyman, qadan alım, yenə haraya gedirsən? (Canamazı yığışdırıb bir ah çəkib oturur.) Süleymanbəy. Heç, anacan, istəyirəm bir atla şəhərdən çölə gəzməyə çıxam. Ürəyim çox darıxır. Sonaxanım. Get, Allah amanında, anan gözlərinə Qurban olsun. Amma, sən Allah, tez qayıt, yoxsa gecələr gec qayıdanda gözümə yuxu getmir. Süleymanbəy. Uşaq ki deyiləm, məni tutub yeməyəcəklər. Niyə gözünə yuxu getmir? Sonaxanım. Qadan alım, bilirəm yeməyəcəklər, amma yenə ana ürəyidir, nazik olur. Süleymanbəy. Yaxşı, tez qayıdaram. Sonaxanım. Get, Qurbanın olum, Allah pənahında ol. Süleyman bəy çıxır. Pərixanım (daxil olur.) Ay Sona, neçə vaxtdır, ha yığışıram bircə səni görməyə gəlim, amma görürsən, iş düşür. (Oturur.) Keçən cümə axşamı, bizim Mərdan bəyin təziyyəsində o qədər ağlamışam, gözümdən bir Kürcən yaş gedib. Oradan gələni yıxılmışam, İndi bir az halım özümə gəlib, qalxmışam. Ayağa duran kimi dedim, gedim görüm Sona necədir, uşaqlar salamatdırlarmı? Sonaxanım. Pəri, heç mənim halımı soruşma. Bax, görürsən, gün-gündən geri gedirəm. Gecələr sübhədək quru öskürək məni boğur, ürəyim qıldan asılır, İndi qırılar, bir saat qırılar deyirəm. Pərixanım. Axır sən niyə hər zadı özünə dərd eləyib, ürəyinə salırsan? Məgər öz canına yazığın gəlmir? Sonaxanım. Necə eləyim, ay Pəri, budur kişi qurşanıb qumara, bir azdan sonra görərsən olub-qalanın hamısını uduzub, qaldı lat-lüt. Uduzduğundan savayı, gələnə bağışlayır, gedənə bağışlayır. Mənim dilim yoxdur ki, qabağında bir söz deyim. Yalvarıram olmur, yapışıram olmur. Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Səni görəndə könlüm açılır, gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Sən Allah, Pəri, tez-tez gəl-get mənim yanıma. Yoxsa Dustaq kimi qalmışam dörd divarın arasında, xiffət eləməkdən az qalıb canım çıxsın. Pərixanım. Qadan alım, heç canını üzmə, səbr elə, Allah kərİmdir. Kişinin bəlkə ağlı başına gəldi, qumarı qoydu yerə. Həmişə belə getməz, bir də baxıb görər ki, dahı oynamaq ona layiq deyil, oynasa abrısı gedər, qumarı qoyar yerə. Allah qoysa, yazın axır ayında havalar istilənər, bir yerdə gedərik ziyarətə. Qurba n kəsərik, dua eləyərsən, Allah sənə cansağlığı verər. Ərinə də ağıl verər, şeytan yolunu buraxıb, Allah yoluna qayıdar. Sonaxanım. Vallah, Qurban olduğum Allahın da o qədər səbri var ki, nə həddi var, nə hesabı. Elə insan səbirsiz olar. Dünən gecə də bir yaman vaqiə görmüşəm, Allah məni onun xatasından savışdırsın. Pərixanım. Xeyir olsun, söylə görüm. Sonaxanım. Gördüm bizim həyətdə bir çox böyük və gözəl ağac bitib. Ağacın dörd ətrafı gözəl çəmənlikdir ki, gül gülü çağırır, bülbül bülbülü çağırır. Çəmənin neçə yerindən şirin bulaqlar axır, guya bizim həyət behişt olub. Yorulanlar gəlib ağacın kölgəsində dincəlirlər, bulaqların suyundan içib başlarını, üzlərini yuyub, bulaq və çəmən sahibinə dua edib gedirlər. Bir də gördüm hava tutuldu, bir bərk külək başladı ki, Allah göstərməsin. İldırım çaxdı, göy guruldadı, bir güclü dolu başladı yağmağa. Onda gördüm bir böyük dolu qəflətdən düşdü həmin ağacın təpəsindən. O saat ağacın cəmi qolqanadları qırıldılar, töküldülər yerə. Qaldı ağacın quru kötüyü. O saat gördüyüm çəmən yox oldu, axan bulaqlar həmin dəqiqə qurudu. Bülbüllərin səsləri kəsildi, güllərdən, çiçəklərdən heç bir nişan qalmadı. Oyanmışam, bir saat ağlım başıma gəlməyib. Ondan sonra neçə salavat çevirmişəm, Allaha dua eləmişəm, iki qoyun Qurban demişəm ki, aparım ocaqda kəsim. Amma ürəyim yenə heç toxtamır. Elə bil, məni məngənə arasına qoyub sıxırlar. Pərixanım. Qurbanım olum, qorxmagilən, yaz ağzıdır, adam çox qarışıq-quruşuq yuxular görər. Yaxşı da eləyibsən ki, nəzir və Qurban deyibsən. Bir də, qadan alım, vaqiəni tərsinə yozarlar. Ağac kimi hər tərəfə qol-budaq atacaqsınız. Aləm sizin kölgənizdə dolanacaq. Dolunun vurmağı da vurmamaqdır. Sonaxanım. Yox, Pəri, çoxdan bəri ürəyimə min qara-qura şeylər gəlir. Heç ürəyim bir dəqiqə sakit olmur, başıma pis-pis fikirlər gəlir. Nazlıxanım (daxil olur). Sona xanım, Qurbanın olum, yanına bir təvəqqeə gəlmişəm. Dünən olan olmazımı vermişəm kişiyə aparsın satsın. Kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Nəcəf bəy də pulun hamısını udub, kişini əliboş salıb yola. Qurbanım olum, mənim əlacım olsa, var-yoxumu satmaram. İndi mən nə qayırım? Bir böyük külfət sahibiyəm, özün bilirsən. Olub-qalan hər nə vardı kişi vurub qumara. Dünən gözümün axır tikməcəyini ağlayaağlaya vermişəm aparıb satıb, onu da gətirib Nəcəf bəyə uduzub. Qurbanım olum, Nəcəf bəyə deginən, məni başına çevirsin, balalarıma rəhm eləsin, o pulları qaytarsın. Sonaxanım. Qoy bu saat çağırtdırım, özü ilə danış. (Çağırır.) A Cavad, a Cavad! (Cavad daxil olur.) Cavad, Nəcəfi bir buraya çağır, deginən adam gəlib, səni görmək istəyir. (Cavad gedir, Pəri qalxır.) Sən haraya gedirsən, ay Pəri? Pərixanım. Kişi gəlir, deyirəm keçim o biri otağa. Sonaxanım. Yaxşı, get, indi mən gələrəm sənin yanına. (Nazlı xanıma.) İndi Nəcəf gələr, mənə dediyin sözləri ona de, bəlkə pullarını qaytara verə özünə. Nəcəfbəy. (daxil olur). Kimdir məni çağıran? Sonaxanım. Nazlı xanımdı. Sənin yanına gəlir, gör nə deyir. Nəcəfbəy. Nə deyirsən, bacı? Nazlıxanım. Nəcəf bəy, Qurban ım olum, mənim bu ağarmış başıma rəhm elə. Mənim bir bölük balalarıma rəhm elə. Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Nəcəfbəy. Nə deyirsən, sözünü de görüm. Nazlıxanım. Nəcəf bəy! Ölümüm qabağında olsun, dünən bizim kişi gəlib, burada qumar oynayıbsınız. Olub-qalanını uduzub. Mən bilirəm, taqsır mənim kişimdədir, amma bir qələtdir eləyib. Sənin də mənim körpə uşaqlarıma rəhmin gəlsin. Razı olma ki, bir kişinin nəslidirlər, ac qalsınlar. O pulları qaytarıb verəsən mənə, elə bil bir təsəddüq verirsən. Nəcəfbəy. Bacı! Belə şey olmaz. Qəhrəman bəyin əvvəla pulu yoxdur, nə üçün qumar oynayır? İkincisinə qalan yerdə, puldur, uduzub, istədiyi nədir? Nazlıxanım. O istəmir, Qurbanın olum, mən istəyirəm. Mənim əhvalım sənə hamıdan yaxşı məlumdur. Bilirsən ki, hər nə vardı, hamısı əldən gedib. Dünən yaxamın, ətəyimin qızıllarını söküb vermişəm kişiyə, aparsın satsın. Ancaq eybimiz açılmasın, acından ölməyək, gedib qonum-qonşuya əl açmayaq. İndi, Nəcəf bəy, səni and verirəm o bir Allaha ki, bizim üstümüzdədir, sən də bizim biabırçılığımıza razı olma. Nəcəf bəy Bacı, artıq söz lazım deyil. Bayaq sənə dedim, ərin pulu uduzmayaydı, İndi ki uduzub, qurtarıb çıxıb gedib. Mən pul qaytara bilmərəm. Mən özüm də az uduzmuram. Necə ola bilər ki, gedim uduzduğum pulları istəyim. Nazlıxanım. Başına dönüm, sən dövlətli kimsənəsən, amma mənə bu saat fitrə vacibdir. Nəcəfbəy. Bacı, sözün düzü, məndən sənə pul çatmayacaq. Nazlıxanım. Nəcəf bəy, üstündə Allah var, Allahdan qorx. Mənim uşaqlarımın nəfəsi yetim nəfəsindən bədtərdir. Onların gözlərinin yaşlarını tökmə, rəhm elə. Nəcəfbəy. Üstümdə Allah da var, peyğəmbər də var, onu bilirəm. İstər sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan tökülə, yenə məndən sənə pul verdi yoxdur. Təvəqqe eləyirəm, zəhmət çəkib, gedib evində oturasan və ərinə də deyəsən ki, pulu yoxdur nə üçün qumar oynayır? Nazlıxanım (Nəcəf bəyin ayaqlarını qucaqlayır). Nəcəf bəy, istəyirsən ayaqlarından öpüm, mənim düzlərdə qoyma. Nəcəfbəy (ayaqlarını çəkib). Qaraçılıq lazım deyil. Mən sənə dedim, aləm yığıla, üç qəpik verməyəcəyəm. Təvəqqe edirəm, mənə əziyyət verməyib gedəsən. Nazlıxanım. Nəcəf bəy? Ahü-naləmdən qorx. Mənim balalarımın göz yaşlarını Allah yerdə qoymaz. Nəcəfbəy. Di çıx eşiyə. İstər nə qədər ömrün var mənə ahünalə elə. Guya sən ahü-nalə eləyəndə mənim küllüyüm göyə sovrulacaq. Çıx eşiyə, əziyyət vermə! Nazlıxanım. Çıxıram. Allah səni evsiz, eşiksiz qoysun. (Çıxır, çöldə söylənir.) Allah! Mənim balalarımı düzdə qoyanın balalarını düzdə qoy! Allah! Məni oda yandıranın üstünə od yağdır! Belə Allah sizin gözlərinizin yaşını çörəyinizə yavanlıq eləsin! Sizi görüm, ağ gün eşidəndə burnunuzun ucu tutulsun! Nəcəfbəy. Cavad! Cavad (daxil olur). Ağa, nə deyirsən? Nəcəfbəy. Çıx o bayquşu sal eşiyə, baş-beynimizi aparmasın. Cavad çıxır. Sonaxanım (yeriyir irəli). Nəcəf, Qurbanın olum, bizi ahü-nalə yiyəsi eləmə, çağır o arvadın ağzını yum. Nəcəfbəy. Rəhmətliyin qızı, sən nə deyirsən? Arvadsan, gedib öz işində olsana. (Yavaşca itələyir.) Sonaxanım (yıxılıb əziyyətlə qalxır). A kişi, Allah məni onda vurubdur ki, ömrümün əvvəlindən İndiyədək sağ can görməyirəm. Sən niyə məni vurursan? (Ahəstə-ahəstə otaqdan çıxır. Nəcəf bəyin haləti gərgin olub, tez-tez var-gəl edib, sonra gəlib özünü kürsünün üstünə yıxıb məbhut olur. Bu halda Dərviş səsi gəlir.) Dərviş (oxuyur). Əzizi-mən, canım ey dust! Əvvəla namixudavəndi- qədim. Yəni bismillahirrəhmanirR əhim! Ey əzizim, bir baxın dünya nə ibrətxanədir! Axırın fikr etməyən aqil deyil, divanədir... Nəcəfbəy (hövlnak qalxıb pəncərəni açır). Ağa D ə r v i ş, ala bu pulu, daha dalını oxuma get. (Qayıdıb əyləşir.) Ayıltdı məni evi yıxılmış. “Axırın fikr etməyən aqil deyil, divanədir”. Amma bundan sonra nə olsun, on iki para kəndin qalıb ikisi, özüm də boğazımadək borcun içində. Kül başına, Nəcəf! Məgər sən qabağına açılan əlləri boş qaytarardın? İndi o qədər ölübsən, ahü-nalə qəbul eləyirsən. Yetim uşaqları çörəksiz qoyursan. Amma nə çarə qılım? Deyim: “Bacı, pulum yoxdur? “. Xeyr, əstəğfürullah, mənim ağzımdan belə söz çıxmaz. Əlacım kəsilir, elə yolla rədd eləyirəm ki, üstümə bəd dua tökülür. Öl, Nəcəf, öl. (Bu halda Süleyman bəy rəngi təğyir tapmış daxil olub, istəyir o biri otağa keçsin.) Nə var, nə olub? Süleyman bəy. Heç, bir şey yoxdur. (Keçir o biri otağa, çöldən dəllək İmamverdinin səsi gəlir.) İmamaverdi.. Buraxın məni içəri girim, mən bəy-filan tanımıram. Mən saqqalımın ağ vaxtında biabır olmuşam. Mən heç vaxt qəbul eləyə bilmərəm ki, bu qoca vaxtımda mənim adım müttəhim olsun. İmamverdi hirsli daxil olur içəri, dalınca oğlu Kərim. Kərim. Hanı o arvad kimi qaçıb gizlənən tülkü? Bircə onu mənə verin, cərcənəyini ayırım. Bəlkə ondan sonra ürəyim soyusun. Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyəm. Nəcəfbəy. Nə var, nə qilü-qaldır? İmamverdi. Nə olacaq? Mən saqqalımın ağ vaxtında rüsvayialəm olmuşam. Sənin oğlun neçə yoldaşı ilə gəlib mənim qızımı sürütləyə-sürütləyə aparıb dağ-daş arasında gizlədib. Məgər Allah belə zülmü götürər?! Nəcəfbəy. İndi mənim təklifim nədir?! Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr evinə. İmamverdi. Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Mən öz abrımın qədri-qiymətini bilirəm və qızımın rüsvayçılığınıheç vədə qəbul etmərəm. Nəcəfbəy. Xub, get evinə, qilü-qal lazım deyil, qızın gələr. İmamverdi istəyir söz desin. Kərim yeriyir qabağa. Kərim. And olsun Allaha, o mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb bağırsaqlarını ayaqlarına dolamasam, atamın oğlu deyiləm. Ata, gəl gedək. (Atasının qolundan tutub çəkir çölə.) Nəcəfbəy. S ü l e y m a n! Süleymanbəy (daxil olur). Nə var? Nəcəfbəy. S ü l e y m a n! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin? İt-qurd gəlib mənim qapımda hürür. Məgər mən dəlləkməllək tayıyam? A bihəya, heç utanmırsan? A məlun, heç qızarmırsan? Budur sənə buyururam, gərək bu gün İmamverdinin qızı qayıtsın atasının evinə, yoxsa sənin belində qamçını tikə-tikə elərəm. Eşidirsən? Mənim əslim və nəcabətim heç vədə qəbul etməz ki, mənim evimə it-qurd qızı gəlsin. Süleymanbəy. Ağa, sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Amma bu yerdə mənə heç kəs buyuruq verə bilməz. Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram və bir adama da ixtiyar vermərəm ki, mənə nəsihət eləsin. Nəcəfbəy. Gədə, başına at təpməyib, axmaq-axmaq nə danışırsan! And olsun Allaha, vuraram təpən iki para olar! (Oğluna bir sillə vurur.) Süleymanbəy. Atasan, bu dəfə dinmədim, təvəqqe eləyirəm bir də mənə yaxın gəlməyəsən. Yoxsa bir də vursan əvəzində cavab elərəm. Nəcəfbəy. Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Bu saat itilərsən mənim gözümün qabağından və mənim evimdən gedib harada dolanacaqsan dolan. Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. Itil bu saat mənim evimdən! Bundan sonra mənim Süleyman adlı oğlum yoxdur. Çıx bu saat çölə! (Süleyman bəy çıxır) Cavad! (Cavad daxil olur.) Bu saat gədələrdən neçə nəfər götürüb gedərsən qaya başına. İmamverdinin qızını harada gizləyiblərsə tapıb, aparıb tapşırarsan atasına. Di bu saat, dayanma get. (Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir.) Kordu yurdum, kor, kor, kor... (Özünü yıxır kürsünün üstünə.) Pərdə * * * Üçüncü məclis, birinci pərdə Şəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala bağlı məkulat daxil olub, şeyləri yerə qoyurlar. Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Süleymanbəy. Baho, ay qəribə yorulmuşam. Əvvəlincicavan. Zarafat deyil, şəhərdən buraya gərək əqəllən üç verst olsun. Bir belə yolu gələn əlbəttə yorulacaq. İkincicavan. Mən sizə demədimmi ki, at tutaq, atla gedək gəzməyə? İndi bu yorulmağa dəyərmi? Hələ gəlməyimiz yenə heç, qayıdanda xörək yemiş adamlar bu yoxuşu necə çıxacayıq? Süleymanbəy. A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı gəzmək ləzzət verməz. İkincicavan. Odur ki, palaz kimi sərilibsən yerə də. Süleymanbəy. Sərilməyimin ziyanı yoxdur. İndi çay içərik, yornuğumuz çıxar. Bir də, mən gəzməkdən yorulan deyiləm. Amma budur üç gündür dərə-təpələri it ayağı yemiş kimi gəzirəm. Əvvəlincicavan. Nə düşmüşdü, niyə gəzirdin dərə-təpələri? Süleymanbəy. Aləm bilir ki, mən bildirçinbazam. Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa. Zurnaçılı bağda Qaraqazan oğlu çıxdı qabağıma, çiynində bir xurcun, əlində bir torba, tər tökə-tökə gedir. Soruşdum, a Qaraqazan oğlu, haradan gəlirsən? Dedi ki, bəs filankəs, Almasatanlıdan gəlirəm. Alacaq dalınca getmişdim, bir şey ala bilmədim, budur, piyada qayıdıram. Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Dedi, yox ancaq gecə yarısı Qarğalı çayından keçəndə bir “gəlmə” bildirçin səsi eşitdim. Zalım oğlunun malı altı dəfə vururdu. Bu sözü eşidən kimi Qarğalı çay deyib birbaş getdim. Bir gün axşamadək, gecə də sübhədək gəzib bildirçin axtarmışam. Əvvəlincicavan. Tuta bildin, ya yox? Süleymanbəy. Necə tuta bilmədim, məgər mənim əlimdən bildirçin qurtarar? Gətirib, qəfəsə qoyub asmışam, gecələr ləzzət verir. İndi, budur, ayaqlarım hələ də ağrıyır. (O yana-bu yana göz gəzdirir.) Amma bura da çox basəfa yerdir ha! İkincicavan. Bəli, çox basəfa yerdir. Biz həmişə elə buraya səyahətə gəlirik. Buranın yerindən, havasından əlavə suyu çox içməlidir, buz kimi ürək sərinlədəndir. Süleymanbəy. Onda, mən ölüm, o sudan bir az ver içim, tərif elədin tamahım düşdü. Əvvəlinci cavan dəstmaldan bir stəkan çıxarıb, su ilə doldurub Süleyman bəyə verir. Süleymanbəy (suyu içir). Bəh-bəh, nə gözəl sudur! Xalis abi-kövsərdir! Əvvəlincicavan. Balam, boş-boş danışmaqdan fayda yoxdur. S ü leyman bəy, burada bəy və ya qeyri-bəy gərək olmasın, gərək yoldaşlıq olsun. Biz gedək odundan-zaddan yığaq, sən də samavar hazır elə. Süleymanbəy. Baş üstə, samavar da hazır elərəm, hələ desəniz kabab üçün ət də doğraram. İkincicavan. Çox gözəl, bəs biz odunu nə ilə qıracağıq? Nə səndə bir kəsər var, nə məndə. Gərək heç olmasaydı evdən bir dəhrədən-zaddan gətirəydik. Əvvəlincicavan. Süleyman bəy xəncərini versə, elə onunla qıra bilərik. Süleymanbəy (xəncəri verir). Niyə vermirəm, buyur, ancaq gözlə ağzı daşa dəyməsin. Əvvəlincicavan (xəncəri alır). Xatircəm ol. (Cavanlar gedirlər.) Süleymanbəy (tək). Çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu. (Durub samavarı aparıb suyun altına qoyur.) Su mənə ləzzət verdi. Bir stəkan da içim. (İçir.) Bəh-bəh, ürəyimə yayıldı. Kərim (kolun dalından çıxır). Adamı belə tələyə salarlar, al gəldi! Süleymanbəy. Nə qayırdığındı, a namərd? (Kərim güllə ilə onu vurub qaçır. Süleyman bəy yıxılır.) Ox, ox... Öldürdü məni namərd oğlunun gülləsi, yıxdı atamın evini, tökdü anamın göz yaşını. Cavan ömrüm paymal oldu, ax!.. ax!.. Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım... ox!.. ox!.. Bu halda təpənin dalında gəzən uşaqların oxumaq səsləri gəlir. Uşaqlar (oxuyurlar): Əsmə badi-səba, əsmə, Dəymə tellər o tellərə. Şanə vurmuş o tellərə Dad əlindən, dad əlindən, yar əlindən... Süleymanbəy. Oxuyun, uşaqlar, səsinizə Qurban olum. Ox... Ox... Allahın altında mən də uşaq olub, sizinlə gəzəydim... Uşaqlar (oxuyurlar): Mənim adım sarı laçın, Fələk qoymur qəddim açım, Gəl səni götürüm qaçım, Bizim ellər o ellərə, Şanə vurmuş o tellərə. Dad əlindən, dad əlindən, yar əlindən. Uşaqlardanbiri (təpənin üstündə peyda olub, Süleyman bəyi görür). Vay dədəm vay! Burada bir adam öldürüblər. Odur yıxılıb, qanı da axır!.. Neçə nəfər uşaq təpənin üstünə çıxıb baxırlar. İkinciuşaq. O yolla gedən ovçuları çağıraq gəlsinlər. (Çağırır.) Ay ovçular, ay ovçular!.. Ovçu. Hey, hey! Nə deyirsən? İkinciuşaq. Buraya gəlin, burada bir adam öldürüblər. Əvvəlinciovçu (gəlir). Ölən adam hanı? Əvvəlinciuşaq. Odur ey, orada yıxılıb eşələnir. Əvvəlinciovçu (yoldaşına). A balam, deyəsən tanış adamdır, bir gəl görək. İkinciovçu. Evin yıxılmasın, bu Süleyman bəydi, Nəcəf bəyin oğlu. Vay binəva!.. Görəsən bunu kim vurub? Ağlın nə kəsir, bu, Kərimin işi deyil ki? Əvvəlinciovçu. Necə Kərimin? İkinciovçu. Dəllək İmamverdinin oğlu? Əvvəlinciovçu. Çox ola bilər. Doğrudan da Kərim bunu çox girləyirdi. İkinciovçu. Qardaş, bu sözlər öz aramızda qalsın, nə borcumuzdur, qoy özləri öz qanlılarını axtarsınlar, taparlar yaxşı, tapmazlar, bəlkə Allah qəzəbini eləyə. Sonra bizi də dərə-divana dartarlar ki, bəs siz, Kərimin bunu girlədiyin bilirdiniz, niyə lazım olan yerinə xəbər vermirdiniz? Di yeri gedək irəli, yazıq eşələnə-eşələnə qalıb. Yeriyirlər qabağa. Əvvəlinciovçu. Süleyman bəy, başına dönüm, sənsən? Süleymanbəy. Kimsən, a danışan? Yoxsa mənim axırımı eləməyə gəlibsən? Əvvəlinciovçu. Yox, başına dönüm, biz ovçuyuq, səni yaxşı tanıyırıq, hərçənd sən bizi tanımırsan. Süleymanbəy. Ovçusan, hər kimsən, öldür məni əziyyətdən qurtar. İkinciovçu. Süleyman bəy, biz sənə düşmən deyilik, dostluqla sənə kömək eləməyə gəlmişik, səni qoymayaq bu quru yerdə qalasan. Sən bizdən heç bədgüman olma. (Əyləşir başının üstündə.) Bircə başını qalxız qoy dizimin üstünə. (Süleyman bəy ovçunun köməyi ilə başını qovzayıb qoyur onun dizinin üstünə.) Qadan alım, bir de görüm bu nə işdir, səni kim vurub? Süleymanbəy. Soruşma... soruşma... soruşma... Taqsır özümdədir, dostumu tanımadım, düşmənimi tanımadım, axırda bada getdim. Məni tovlayıb gətirdilər buraya gəzməyə. Başa düşmədim, gəldim, özümə dost bildim. Burada mənim xəncərimi odun qırmaq bəhanəsi ilə alıb qaçdılar. Düşmən gəldi, asanlıqla bildiyini elədi. Ox... ox... Evi yıxılan atam vay!.. Əvvəlinciovçu. Süleyman bəy, səni tovlayıb gətirən kim oldu, kim vurdu səni? Süleymanbəy. Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular... Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Mənə bir üz göstərirdilər ki, dedim bunlar mənim yolumda canlarından da keçərlər. Axırda məni bu hala saldılar, verdilər Kərimin əlinə, o da məni öldürdü. Qardaşlar, Allah sizdən razı olsun, gəldiniz mədəd əlinizi mənə yetirdiniz. Mənim sizə vəsiyyətim budur ki, dediyim sözləri atama yetirəsiniz, ta mənim qanım yerdə qalmasın. Bir də mənim atama deyərsiniz ki, məni halal eləsin. Mən onun üçün pis oğul olmuşam, sözünün qabağında söz demişəm. Uşaq olmuşam, qanmamışam, məni bağışlasın... Ox... ox... Qardaş!.. İkinciovçu. Nə buyurursan? Süleymanbəy. Ürəyim yanır, ölənlərinin ehsanı olsun, o sudan bir az ver içim. Əvvəlinciovçu. Su istəyirsə, vermə, yoxsa bu saat tamam olar. İkinciovçu. İçmə, başına dönüm, güllə dəyənə su zərərdir. Süleymanbəy. Mənimki zərərdən keçib, görürsən, can yığılıb boğazıma, beş dəqiqədən sonra çıxar. Sən Allah, bir az su ver. İkinciovçu. Balam, o sudan bir stəkan gətir ver buna, əlac yoxdur. Əvvəlinci ovçu gedib suyu gətirir. İkinci ovçu Süleyman bəyin başını qalxızır. Əvvəlinciovçu. Bəy, buyur iç. Süleymanbəy (içir). Oxay, ürəyimə yayıldı. Aparma suyu... Bir az da ver... Oy!.. oy! İkinciovçu. Nə var, başına dönüm? Süleyman bəy. Oy... oy... öldüm... ana, gəl... Su... su... su... (Ölür.) İkinciovçu. Yazıq, dünyadan kam almamış fəqir! Allah sənə rəhmət eləsin. Əvvəlinciovçu. Allah rəhmət eləsin, İndi biz nə eləyək? İkinciovçu. Nə eləyəcəyik, mən qalım burada meyitin yanında, sən get evlərinə xəbər elə, gəlib aparsınlar. Əvvəlinciovçu. Yaxşı, mən gedim. (Gedir.) Pərdə * * * Üçüncü məclis, ikinci pərdə Birinci məclisin otağı. Nəcəf bəy gəzinir. Cavad daxil olub, bir məktub verib çıxır. Nəcəfbəy (məktubu oxuyur). Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Yazıb, xahiş etdiyin iki yüz manat mümkün olmadı. Çünki and olsun sənin canına... (Dalısını oxumayıb, cırır atır.) Cavad! Cavad! (Cavad daxil olur.) Çıx bir tezcə məşədini geri qaytar. (Cavad çıxır.) Bu da Aslan bəy, mənim əziz dostum. Məlunlar, müftəxor məlunlar. Nə qədər mənim pulum var idi, mənə möhtac idilər, mənim başıma dolanıb, “qardaşım, əzizim” deyirdilər. İndi mənə pul lazım olanda özlərini çəkib dağın başına qoyurlar. Məluna dünən kənddən iki min manat gəlib, iki yüz manat mənə borc vermək istəmir. Qorxur batsın. Amma özü mənim çörəyimdən əlavə, iki min manatdan artıq peşkəşimi yeyib. (Məşədi Cəfər. daxil olur.) Məşədi, gəl əyləş. (Məşədi əyləşir yerdə, Nəcəf bəy kürsünün üstündə.) Məşədi, axı bu yaxşı iş deyil ki, sən görürsən. Məgər sənin pulun məndə batacaqdır? Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın? Sən mənə minmin pul borc veribsən. İndi iki yüz manat nə artıq puldur ki, ona məndən girov istəyirsən? Məşədi Cəfər. Bəy, bağışla, qulluğunda axmaq-axmaq boşboğazlıq eləyirəm. Bayaq də sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə. Məndən sonra bir bölük yetim-yesir qalacaq. Onların əlləri gərək bir şeyə bənd olsun, ya yox? Bir də, Qurbanın olum, qəzəbin tutmasın, ruzigar elə dönübdür ki, qardaş-qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Nəcəfbəy. Yaxşı, dayan, məndə ki sənin pulun batmayacaq, bu saat girovu də gətirib verərəm. (Gedir.) Məşədi Cəfər.(tək). Mən ölüm bir buna bax! Bu ya özü axmaqdır, ya məni axmaq ələ salıb. Deyir, keçən vaxt min manatlarla borc verirdin, ha... ha... ha... Min manat da verirdim, iki min də, beş min də. Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Amma İndi vermirəm, çünki görürəm elə günə düşübsən ki, az qalırsan it yeyən çörəyin də parasını itin ağzından alıb yeyəsən. Başına kül, Cəfər, hər belə yerə girovsuz pul versən, bir ildə milyon sahibi olarsan... vay-hay!.. Nəcəfbəy (daxil olur, əlində kağıza bükülmüş qızıl). Ala, bu da sənin girovun, ürəyin sakit olsun. Məşədi Cəfər.(Cibindən təməssük kağızı çıxardır). Di, bəy, zəhmət olmasa, öz dəst-xəttinlə buraya bir neçə kəlmə yaz. Nəcəfbəy (yazır və yazdığını oxuyur). Bu min iki yüz doxsan doqquzuncu ilin rəcəbül-mürəccəb ayının on yeddinci günündə, mən Nəcəfbəy Murad bəy oğlu Çaybasarski bu təməssükü verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım. Hali-təhrirdən bir ilin müddətinə bir dəst qızıl çəprast, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvarid boyun bağı girov verib, qərzdar oluram ki, vədeyi-müəyyənənin tamamında məzkur məbləği məzbur müşar-ileyhə verib, təməssükümü və girovumu alım. Əgər vədə tamamında borcumu əta etməsəm, girovdan məyusam. Mən Nəcəf bəy Çaybasarski qol yazdım... Buyur, bu da sənin təməssükün. Məşədi Cəfər. (təməssükü və girovu alıb qoyur cibinə, pul çıxarıb verir). Buyur, bəy, yüz yetmiş manat, müamiləsi ilə elər tamam iki yüz manat... Mürəxxəs olum qulluğunuzdan. Yenə nə vaxt qulluğun olsa buyur, həmişə qulluq eləməyə hazıram. Amma, bəy qəzəbin tutmasın, zəmanə yaman zəmanədir. Nəcəfbəy (pulu qoyur cibinə). Çox sağ ol, məşədi. Xudahafiz. Məşədi Cəfər baş əyib çıxır. Sonaxanım (əlində boş mücrü, ağlaya-ağlaya daxil olur). Nəcəf, elə bu qalmışdı ki, mənim başıma gətirdin. (Mücrünü atır otağın ortasına.) Elə bu qalmışdı? Kənd-kəsəkləri tamam uduzdun, olubqalanı verdin bada, İndi əlini mənə ilişdiribsən? Evin yıxılsın, nə qayırdığındır, nə fikir eləyirsən? Nəcəfbəy. Sən Allah, ovqatımın pis vaxtında məni rahat qoy. Tezliklə zəhrimarların qayıdar özünə. Sonaxanım. Çox danışacağam, kiriməkdən görürsən nə hala düşmüşəm. Bədənim belə quruyub, yanımdan bir yel ötsə tamam olaram. Mən çox kirimişəm, amma daha səbr kasam dolub-daşır. Gərək danışam, o qədər danışam, bu sinəmdə qalan bir xırda quru nəfəs də çölə çıxınca. Di qulaq ver, Nəcəf! Bir qiyamət gününü, xudavəndi-aləm divanını yadına sal. O günü yadına sal ki, Allah divanının qarşısında titrəyə-titrəyə hesab verəcəksən. O vədə səndən iki şikayətçi olacaq ki, yer-göy onların dudiahlarından lərzəyə gələcək. O şikayətçiləri bu saat gətirim sənin gözünün qabağına. (Cəld gedir o biri otağa.) Nəcəfbəy (tək). Bu nə iş idi mən tutdum?! Nə qələt idi elədim, pərvərdigara, özün mənim fəryadıma yet. Sonaxanım (iki balaca uşağın qolundan tutmuş, daxil olur). Bax, bunlardı səndən şikayətçi. Sən bunların olub-qalanını güdaza veribsən. Bunlar əllərini Allah dərgahına qalxızıb deyəcək: “Pərvərdigara, biz nə günah eləmişdik ki, ac qalırıq, susuz qalırıq”. Balaca balalarım, gözəl balalarım. Bu gün-sabah ananız ölər, siz də atanızın dövlətindən, çiyninizə torba salıb, küçələrdə, yol üstündə gəlib-gedənə əl açarsınız ki, ay Allahı sevən, çörək pulu verin, acıq, susuzuq. Necəsən, Nəcəf! Niyə ürəyimi oxlayırsan? Nəcəfbəy. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Sonaxanım. Belə olar, bəs necə, od tutar, hələ bir az da ötər. Bu azdır, sən gərək xudavəndi-aləmin öz oduna yanasan. Mən bu gün-sabah öləcəyəm, amma mənim ruhum, – sən bir qiyamətli, yağışlı, tufanlı gündə Allahın öz oduna yanınca, – sənin dalınca gəzəcək. Eşikdən səs gəlir. Cavad (daxil olur). Bəy, bir qapıya buyur. Nəcəfbəy. Nə var, nə olub? Cavad. Heç, bir ovçu gəlib, Süleyman bəydən bir para əhvalat söyləyir. Nəcəfbəy. Ovçu kİmdir? Cəhənnəmə gəlib, gora gəlib, qov çıxsın getsin. Elə mənim dərdim-başım Süleyman bəy idi!.. Cavad (ciddi). Xeyr, bəy, özgə əhvalatdır, qapıya buyur. Nəcəfbəy çıxır. Sonaxanım. Cavad! Yoxsa Süleymanın başında bir iş var? Doğrusunu söylə. Cavad. Xanım, başına dönüm, qorxma, heç bir şey yoxdur. Sonaxanım. Yox, məndən danırsan. (Yüyürür Nəcəf bəyin dalınca.) Cavad. Fəqir övrət, eşitsə, görəsən necə olacaq? (Uşaqların qollarından yapışıb o biri otağa ötürür.) Sonaxanım (qışqırıqla qayıdır). Öldürüblər... Öldürüblər... Gözəl balam... Nazlı balam... Oy!.. (Yıxılır. Cavad istəyir durquzsun, görür ölübdür, hönkürüb ağlayır.) Nəcəfbəy (ağlaya-ağlaya daxil olur). Allah, bu nə iş idi mən düşdüm?! Pərvərdigara, İndi mən nə çara qılım, başıma nə daş salım?! Öhö... öhö... öhö... Cavad, başına dönüm, bir arabadan-zaddan tut, get o binəvanın meyitini götür gəl. (Sona xanımın meyitini görüb.) Bu nədir, a başınıza dönüm, yoxsa Sona da öldü? (Gəlib çökür Sona xanımın başının üstündə.) Sona... Sona...Sona!.. Səni and verirəm, mənim evimi yıxma, Sona... Məni düzlərə salma, Sona!.. Qurbanın olum, gözlərini aç... Sona, balalarına yazığın gəlsin. Öhö... öhö... öhö... öhö...öhö... öhö... (Yıxılır. Sona xanımın nəşinin üstünə.) Pərdə * * * Dördüncü məclis Şəhər küçəsi, axşam tərəfi, yağış havası. Şəhər əhalisindən iki nəfər: Əbdül İran libasında və Ismayıl. Hər biri bir daş üstündə əyləşib, söhbət edirlər. Əbdül. Bəli, ağa İsmayıl, doğru buyurursunuz, o şey ki insan özü özünə elər, aləm yığılsa ona eləyə bilməz. Budur, mən səkkiz ildən artıqdır ki, getmişəm İrana. İndi qayıdıb, nələr görürəm? Heç keçən ovzalar yoxdur. Mən burada neçə adamlar tanıyırdım ki, pulu kürəklə yığırdılar, amma İndi bir tümənə möhtacdırlar. Və yenə adamlar tanıyıram ki, bəylər qapısında qab-qaşıq yalayırdılar, İndi sövdəgəri məşhur olublar. Çox namərddir bu dünya, heç ona etibar eləmək olmaz. Cavadı ki, tanıyırsınız, mən buradan gedəndə onu nökər qoyub getmişəm, İndi gəlib sövdəgər görürəm. İsmayıl. Bir sağ tərəfinə bax, bu uçuq evi görürsən? Əbdül. Görürəm, necə? İsmayıl. Bu, Nəcəf bəyin evidir, haman kimsənənin evidir ki, Cavad onun qapısında qab-qaşıq yalayırdı. İndi Nəcəf bəy... Əbdül. Ölübdür, yoxsa? İsmayıl. Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Amma onun nökəri Cavad İndi olub ağa Cavad, sövdəgəri-məşhur. Bu evi ki görürsən, top dəysəydi dağılmazdı, onu qumar dağıtdı. Əbdül. Düz buyurursunuz, Ağa İsmayıl. Allah heç kəsi qumara mübtəla eləməsin. Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Xub, məgər kənd-kəsək hamısı əldən getdi? İsmayıl. Qumar qabağında kəndmi durar, kəsəkmi durar? Əlbəttə, hamısı getdi. Bir də iki kəndi qalmışdı, onu da sövdəgər Məşədi Cəfər satdırıb, borc əvəzinə götürdü. İndi budur, gözünü dikib bu dörd divara, istəyir satsın, alan yoxdur, çünki taxtapuş uçub, yağış, qar, hər nə yağırsa evin içinə yağır. Ola bilsin, günlərin bir günündə uçub tökülsün. Əbdül. Kərəminə şükür, pərvərdigara. Özün öz bəndəni dərdübəladan saxla. Bəndənə yaman gün verincə, ölüm ver. Yaxşı, Nəcəf bəyin bir yaxşı oğlu vardı, o necə oldu? İsmayıl. Oğlunu qız üstündə dəllək İmamverdinin oğlu Kərim öldürdü. Əbdül. Allah rəhmət eləsin, yaxşı oğlan idi. Bəs o Kərimə nə üçün tənbeh olmadı? İsmayıl. Necə tənbeh olmadı? Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi. Əbdül. Nə buyurursan?! Mən ki Kərimi beş ay bundan əqdəm Təbrizdə gördüm. İsmayıl. Xeyr, səhvsən, yəqin ona oxşar başqa bir şəxs görübsən. Əbdül. Nə danışırsınız, kişi? Mənim gözüm kor deyil, mən Kərimin dabbaqda gönünü tanıyıram. Mən Kərimi çayxanada gördüm. Yorulmuşdum, döndüm çayxanaya ki bir-iki fincan qəhvə içim. Gördüm Kərim əyləşib qəlyan çəkir. Əhvalpürsanlıqdan sonra dedi ki, bəs çay almağa gəlib. İsmayıl. Məəttəlləm, baba! Budur, iki ildir ki, onu Sibirə göndəriblər. Əbdül. Iki ildir ki, ya iki yüz ildir, bilmirəm. Xülasə, mən Kərimi Təbrizdə gördüm. İsmayıl. Ay qardaş, Sibirdən qaçmaq ki, qeyri-mümkündür. Əbdül. Necə qeyri-mümkündür? Bu saat İranda bəlkə neçə yüz Sibirdən qaçmış Dustaq var. İsmayıl. Axır bunlar necə qaçırlar? Əbdül. Mən nə bilim, Allah bilsin. İsmayıl. Qəribə işdir. Amma Allah Süleyman bəyin qanını yerdə qoymaz. Kərim insan divanından qaçıb, Allah divanından qaçmaz. Əbdül. Xub, Ağa İsmayıl, siz mənə bir bunu söyləyin görüm, Nəcəf bəyin yaxşı dost-aşnaları var idi, dövlətli şəxslər. Məgər heç onlardan binəvaya bir kömək çatmır? İsmayıl. Rəhmətliyin oğlu, elə söz danışırsan ki, üç yaşında uşaq danışmaz. Əzizim, bu dünyada dost nə gəzir, aşna nə gəzir? Məgər taifeyibəniinsan dostluq eləyə bilir? Hamı yemək dostudur, hamı içmək dostudur. Əgər evində, cibində bir şey var, aləm sənə dostdur. Elə ki yoxundur, düşmənin də sənə düşməndir, dostun da düşmən olur, ey əmioğlu. Dust məşmar on ki, dər nemət zənəd Lafi yariyyü bəradər xandəgi. Dust on başəd ki, kirəd dəsti dust Dər pərişan haliyü dərmandəgi. Türkü məsəldir deyərlər: bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı, salamməleyk qurtardı. Hərçənd arvad məsəlidir, amma çox göyçək məsəldir. Nəcəf bəy olub, Sədi demişkən, giriftarü Nemət vaxtında yoldaşlıq və qardaşlıqdan dəm vuranı dost sayma. Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tutma. paybəndiəyal. İki balaca uşağı qalıb, amma Allah işini uvantsın. Onun qədim nökəri Cavad bir az onun qolundan tutur. Əbdül. Bəli, görünür nəməkbəhəram adam deyil. İsmayıl. Qadam, necə ola bilir? Cavad deyəndə, kənddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu adam elədi. Cavad oldu Ağa Cavad. On min manata yaxın əhvalı var. Qaçaq mal alış-verişi eləyir, sövdəgərlər arasında sahibi-etibardır. İndi haman Cavad gündə ətdən, düyüdən, yağdan alıb öz nökərlərindən göndərir Nəcəf bəyin evinə. Əbdül. Bəli, bivəfa dünyanın işi belədir...Yavaş, Ağa İsmayıl, o quş səsini eşidirsənmi? Deyəsən bayquş səsidir. İsmayıl. Eşidirəm, eşidirəm. Allah, amandır, axşam tərəfi, yağış havası, bayquş da ulayır. Görəsən fəqirin başına yenə nə bəla gələcək. (Göy guruldayır.) Yağış yağır, dur gedək. Pərvərdigara, yaman günündən bəndəni mühafizə elə. Əbdül. Ilahi, amin. Gedirlər. Göy tez-tez guruldayır, ildırım şaxıyır, hava bərk tutulur. Bu halda Nəcəf bəy köhnə libasda, saqqalı, bığı ağarmış, beli əyilmiş, əlində içinə şey bükülmüş dəsmal gəlib dayanır. Nəcəfbəy. Tamaşa elə, dünya, gülün mənə camaat, görün nə gündə sizin aranızda Nəcəf gəzir. Mənim axırım gərək belə olaydı. O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvərdigara, məsləhət sənİndir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə nalə töküblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun, istər aləm tufana getsin. Bizim hamımız beləyik. Cəmi insan tayfası belədir. İstərik həmişə öz qardaşımızdan uca olaq. Ondan ötrü öz qardaşımızın ayağının üstünə çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın Allah da başından basar. Allahın divanını yada salmırıq, qiyaməti yada salmırıq... Vay!.. Odur, yenə gəlir... Nə istəyirsən məndən? Nə düşübsən dalıma?.. Elə Allah divanı yadıma düşəndə, gəlib gözümün qabağında durursan? (Sona xanımın heykəli ağ çadirşəbə bürünmüş, saçları döşünə tökülmüş, əllərini qabağa uzadıb, Nəcəf bəyə tərəf yeriyir, Nəcəf bəy dalın-dalın qaçır.) Nə istəyirsən məndən? Niyə əl çəkmirsən? Görürsən Allah məni nə günə salıb, sən yenə məni rahat qoymursan? (İkisi də itirlər. Bir azdan sonra Nəcəf bəy qayıdır dizi üstə çökür. Peydərpey ildırım şaxıyır və göy guruldayır.) Xudaya, pərvərdigara! Dərgahında günahdan savayı bir iş tutmamışam, amma İndi sidqlə əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya! Bəsdir çəkdiyim əziyyət. Bilirəm, o dünyada mənim yerim cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada mənə çəkdirmə. Dağılın, qara buludlar! Kəsilin gurultular! Sakit olun, ildırımlar! Bəlkə mənim duam gedə xudavəndi-aləmə yetişə! Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Xudaya, bilirəm qiyamət günü dərgahına üzüqara gələcəyəm, amma məni insan yanında üzüqara eləmə. Qiyamətdə hər nə tənbeh eləsən, hamısına layiqəm. (İldırım bərk şaxıyır, göy bərk guruldayır, Sona xanımın heykəli yenə Nəcəf bəyin gözünün qabağında durur.) Budur, yenə gəldi! Axır nə istəyirsən məndən, səni and verirəm səni yaradan Allaha! istədiyin nədir, de məndən əl çək?! Sonaxanımınheykəli. Ver mənim imarətlərimi! (Qeyb olur, Nəcəf bəy bihuş yıxılır, bir azdan sonra ayrılır.) Nəcəfbəy. Bildim nə istəyirmiş məndən. İndi ölmək istəmirəm. Sakit ol, döyünmə, ürəyim! Mən əziyyətə layiq adamam. Gərək Allah dünyada mənə çoxlu ömür versin və çoxlu əzab...Bildim nə istəyirmiş... Bildim... (İstəyir getsin, ildırım vurur, yıxılıb ölür.) * * * == Bəxtsiz cavan == Bəxtsiz cavan Faciə beş məclisdə İştirak edənlər HacıSəmədağa – mülkədar Çingiz – Hacı Səməd ağanın oğlu Fərhad – Hacı Səməd ağanın qardaşı oğlu Mehrixanım – Fərhadın anası, Hacı Səməd ağ anın övrəti Musa – Fərhadın məktəb yoldaşı MirzəQoşunəli. – Hacı Səməd ağanın xidmətçisi KərbəlayıBəndəli. Kəndlilər, Dustaq və başqaları * * * Əvvəlinci məclis Əvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və müqabildən. Mirzə Qoşunəli.. Bəli, iynə ilə gör qaz, inşallah, az keçər, əlin çörək qulağına çatar. Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib gətirib buraya, nədir, nədir, səni adam eləyəcəyəm. Budur, tamam altı aydır ki, mən bu xarabanın qapısından girmişəm. Kaş o günü qılçım sına idi. Mənim başıma daş düşsün əgər bu altı ayın müddətində altı quruş balalarıma göndərmişəmsə. Sən bir buna bax. Aləmdə İskəndər kimi sədd açıb, dövlətinin, kəramətinin, səxavətinin tərifi dillərdə söylənir, amma yaxşı igidin adını eşit, üzünü görmə. Xudavəndi-aləm heç bir bəndəsini bu simsiz sazın toruna salmasın. Adama qarın dolusu çörək vermir. Deyirlər ki, cəmi fəqirfüqəranın dəstgiridir. Mənim imanım cin bismillah adı gələndə yox olan kimi yox olsun, əgər bir fəqirdən ötrü İndiyətək əlini cibinə saldığını görmüşəmsə. (Boş cibini oynadır.) Bah, bah, bah!... Atanın evi dağılmasın, pulun ağırlığından az qalır cibim düşsün. İnşallah, xərcləsəm bir il kifayətdir. Yeməkdən də ki, Allaha şükür, boynum əllaf xoruzunun boynuna dönüb. (İki əli ilə başına vurur.) Başına daşın böyüyü düşsün, Qoşunəli! Təməin artıqlığı adamı belə günə salar. Kərbəlayı Bəndəli (daxil olur). Salaməleyküm, mirzə! Mirzə Qoşunəli.. Əleykəssalam, kərbəlayı, buyur, müşərrəf eləyibsən, xoş gəlibsən, buyur əyləş. Ya Allah, ya Allah, ya Allah... Kərbəlayı Bəndəli. Xeyr, buyurunuz əyləşiniz... Ya Allah, ya Allah, ya Allah... Mirzə, yenə nə vaqe olub, fikir dəryasında qolatma üzürsən? Mirzə Qoşunəli.. Baba, necə fikir dəryasında üzməyim? Məni heyrət aparıbdır, mən bu sirrə məəttəl qalmışam ki, görürsən bir dövlətli şəxs nə qədər Allah yolunda pul xərcləyir, bir ucdan dövləti artır, amma elə ki başlayır şeytan yolunda xərcləməyə, bir az müddətdə müflis olur. Çox böyük sirdir, kərbəlayı ha. Kərbəlayı Bəndəli. Bəli, bəli, nə buyurursan, Allahın bərəkət əli, əlbəttə, onun yolunda malından keçənin üstündə olacaq. Buyur görək, kimin hərəkəti səni fikrə salıbdır? Mirzə Qoşunəli.. Xəllaqi-aləm necə qəribə adamlar yaradıb. Mən bir şəxsəm ki, cəmi İranı ayağımın altına alıb gəzmişəm. Amma bu növ şəxs, vallahi, görməmişəm. Kani-səxavət, kani-bəlağət, dəstgiri fəqirü füqəraya. And olsun sənin canına və babam ərvahına, hatəmülməmalikdə də mən bu səxavəti görməmişəm. Kərbəlayı Bəndəli. Kimi buyurursan, mirzə? Mirzə Qoşunəli. (qulaq asmayıb). Mən baxıram, özözlüyümdə fikir edirəm, deyirəm, bu səxavət hər kəsdə olsa, bir ildə çörəyə möhtac olar. Amma bunun?.. Kərbəlayı Bəndəli (onun sözünü kəsir). A kişi, atını minib çapma, bağrım çatladı. Bir söylə görək, kİmdir bu ali-vücud? Mirzə Qoşunəli.. Oğlan, məgər mən sözü başlayanda sən anlamadın? Kİmdir bu vilayətdə o vücud ki, onda ərz elədiyim sifətlər olsun, bəqeyr əz HacıSəmədağa? Kərbəlayı Bəndəli (başının aşağı salıb). Bəli! Mirzə Qoşunəli.. Kərbəlayı, sən bu “bəli”ni çox soyuq dedin. Bunun mənasından məni hali elərsən, ya yox? Kərbəlayı Bəndəli. Xeyr, Allah eləməsin. Nə sözdür?! Mənim hacının səxavətinə, kəramətinə heç bir şəkkim yoxdur və ola da bilməz. Bir yerdə ki cəmi şəhər onun səxavətindən danışır, mən necə şəkk gətirə bilərəm? Amma, doğrusu, mən bir belə danışığın müqabilində hacıda heç bir kəramət görməmişəm. Mirzə Qoşunəli.. Odur da! Ay bədbəxt, ağlı gözündə camaat! Kişi, nə vaxtadək siz, bazara çıxıb özünü camaata göstərmək üçün gəlib-gedənin əlinə qəpik-quruş verənlərə səxi deyəcəksiniz? Belə adamlara səxi demək olmaz. Vallah olmaz! Bu kişi, əvvəla, elə fəqirlərə əl tutur ki, onlar əhli-sual deyillər və saniyən köməyi o tövr edir ki, onu bir özü bilir, bir fəqir, bir də Allah! Nə buyurursan, kişi yəqinən əhli-cənnətdir. Kərbəlayı Bəndəli. Əgər belə isə, mərhəba! Mirzə Qoşunəli. Əlbəttə belədir. Babam ərvahına and olsun belədir. Bəs, kərbəlayı, təşrifinizin səbəbi nədir? Kərbəlayı Bəndəli. Təşrifimin bir səbəbi yoxdur. Bildir hacıdan götürdüyüm pulu gətirmişəm. Gərək veksilin də vədəsi tamam olmuş ola. Mirzə Qoşunəli. (bir kitab götürüb, vərəqləyib baxır). Bəli, kərbəlayı, bu gün vədə tamamdır. İmdi (hacının öskürək səsi gəlir) hacı təşrif gətirər, verərsən. Budur, deyəsən gəlir... Hacı Səmədağa daxil olur, əlində təsbeh, zikr edə-edə, Kərbəlayı Bəndəli ilə Mirzə Qoşunəli. qalxırlar ayağa. Hacı əli ilə işarə edir əyləşsinlər. Özü də əyləşir, onlar da əyləşirlər. Hacı Səmədağa (təsbehi cibinə qoyur). Əhvali-şərif, kərbəlayı, xoş gəlibsən. Kərbəlayı Bəndəlı. İltifatın artıq olsun, Allah oğlunuzu saxlasın. Hacı Səmədağa. Nə əcəb buyurubsan? Kərbəlayı Bəndəli. Heç, hacı ağa, elə bildir sizdən götürdüyüm iki yüz manatın vədəsi bu gün tamamdır, onu gətirmişəm qulluğunuza. (Əlini salır cibinə, pulu çıxarır.) Hacı Səmədağa. Ver mirzəyə. Mirzə, gör düzdürmü? Mən də durum kərbəlayının təməssükünü çıxardım. (Qalxıb sandığı açır, təməssükü və girovu çıxarır, mirzə isə pulu sayır.) Mirzə Qoşunəli.. Bəli, hacı ağa, düzdür, iki yüz qıx manatdır. İki yüz əsli, qırx manat müamiləsi. Hacı Səmədağa. Buyur, kərbəlayı. Bu sənin təməssükün, bu da girovun ( Kərbəlayı Bəndəli şeyləri alıb, gəlib əyləşir.) Mirzə, axşam gələn övrəti razı elədinmi? Mirzə Qoşunəli. Bəli, hacı ağa, bu sabah on manat aparıb verdim. Hacı Səmədağa. On manat azdır. Altı yetimi var, on manatdan biçarəyə nə olsun! On manat da apar ver! Mirzə Qoşunəli. Baş üstə, hacı ağa! Seyidin də yetimlərinə necə ki, buyurmuşdunuz, bir çuval un göndərdim. Hacı Səmədağa. Çox gözəl, di o iki yüz manatı ver buraya. Qırx manatı da saxla özündə. Sən bilirsən ki, o qırx manata mən əlimi də vurmaram, o da gərək füqərayə qismət oluna. (Mirzə Qoşunəli pulun bir hissəsini verir Hacı Səmədağaya, hacı alıb, üzünü tutur Kərbəlayı Bəndəli) Kərbəlayı Bəndəli. Çox yaman camaatdır, kərbəlayı, bizim bu camaat. Heç kəsin ürəyində Allah qorxusu yoxdur. Hər kəs hər nə qazansa, yediyini yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşım da var, onun da əlindən gərək tutum. İmdi əlacım kəsilib, mən də bir belə qayda qoymuşam ki, özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, hər kəsə borc versəm, yüzə bir cüzi, yəni iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Mən də camaatdan bu tövr pul çıxardıram. Mirzə Qoşunəli.. Odur ki, xudavəndi-aləm başınızdan abineysan kimi tökür də. Məlumdur, fəqirlərə verən, Allaha verir və Allah da heç bir ehsanı biəvəz qoymaz, həm dünyada, həm axirətdə. Kərbəlayı Bəndəli. Əlbəttə, bu nə sözdür, Allah hacı ağanın vücudlarını bizə çox görməsin. (Durur ayağa) Xudahafiz, hacı ağa, qulluğunuzdan mürəxxəs oluram. Xudahafiz, mirzə! Hacı Səmədağa. Xoş gəldin, kərbəlayı. (Kərbəlayı gedir.) Mirzə, di o pulu da buraya ver görüm. Mirzə Qoşunəli. Necə pulu? Hacı Səmədağa. Necə pulu nədir? Belə o qırx manatı. Mirzə Qoşunəli. (gülür). Bəs bu fəqir pulu deyil? Hacı Səmədağa. İşini gör, rəhmətlik oğlu, fəqir nədir, heç mənim özümdən böyük fəqir yoxdur. Mirzə Qoşunəli. İmdi ki belədir, mən səndən də fəqirəm, yarısı sənin, yarısı mənim. Hacı Səmədağa. Gic-gic danışma, bəri ver. Sonra görüşərik. Mirzə Qoşunəli. Necə görüşərik? Budur, altı aydır ki, sənə qulluq edirəm, heç mənimlə görüşməyibsən. Bundan sonra nə görüşəcəksən? Hacı Səmədağa. Sən öləsən, necə ki lazımdır, səni xoşhal eləyəcəyəm. Mirzə Qoşunəli. Babam ərvahına and olsun, sənə iyirmi manatdan bir qəpik artıq verməyəcəyəm. Rəhmətliyin oğlu, mən məgər burada hambalibimuzdam? Hacı Səmədağa. Az danış! Ver buraya. Mirzə Qoşunəli. (öz boğazından tutur). Hacı ağa, axır özün bilirsən ki, mən sənin kələk yoldaşınam. And olsun babam ərvahına və bir oğlum Səbzəlinin canına, səni aləm içində rüsvay elərəm. Rəhmətlik oğlu, sən məni işimdən, gücümdən avara eləyib altı aydır ki, gətirib burada Dustaq eləyibsən ki, nədir, səni dünya malından qəni eləyəcəyəm. Bir belə vaxtda səndən bir quruş görməmişəm. Məgər insan deyiləm, məgər mən külfət sahibi deyiləm? Mənə deyən gərək, ay axmaq, məktəbdarlıqda nə yamanlıq gördün ki, buraxıb, gəlib buna nökər oldun? Məktəbdarlıqdan min cür mədaxil götürürdüm! Bax (barmaqları ilə sayır), bu Qurban pulu, bu bayram pulu, bu rəğabət pulu, Quran çıxandan xələt, atası Məkkədən gələndən xələt, bəy uşaqlarından yağ, pendir... hesab eləsən ildə dörd yüz manatdan artıq eləyirdi. Bundan əlavə, yandırdığım odun, kömür həmişə müftə düşürdü. Mən bir belə nəfi əldən buraxıb sənin qoltuğuna qısılmışam, sən də mənimlə belə rəftar edirsən. Məgər bunu Allah götürər? Mən sənin adına aldanıb gəlmişəm, görürəm, hamı sənin barəndə danışılan əfsanə sözlər imiş! Məni də eləyibsən nəqli-məclis! Sənətim səni bazarda, məclislərdə, dükanlarda tərif eləyib imanımı yandırmaqdı. Məgər mənim imanımın bahası belə rəftardır? Yalan danışmaqdan bilmərrə həyam, abrım tökülüb. Budur, görək hansı seyidin yetimlərinə bir çuval un gedib? Hansı arvada on manat verdin? Bir insafın olsun, ağa? Hacı Səmədağa. Daha yaxşı, az söylə, götür pulun iyirmi manatını qoy cibinə, füzulluq lazım deyil. Mirzə Qoşunəli.. Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Dahı məni niyə bir belə danışdırırsan? (Durub pulun yarısını hacıya verir.) Fərhad toza bulanmış daxil olur. Hacı Səmədağa (Fərhadın boynunu qucaqlayıb öpür). Ay oğlum, harada qaldın? Səni gözləməkdən gözlərimin kökü saraldı. Budur, dörd gündür ki, səndən tel gəlib. Bəs niyə gec gəldin? Fərhad. Çay çox daşqın idi, əmi, elə iki gün ona məəttəl olduq. Axır bir tövr su yatdı, düşüb gəldik. (Mirzəyə) Ya Allah, mirzə, əhvalişərif? (Əl verir.) Mirzə Qoşunəli. (ikiəlli onun əlini tutur). Sənin dövlətindən, Qurbanın olum, yaman-yaxşı, dolanıram. (Əllərini çəkir, öpür, qoyur gözü üstə.) Hacı Səmədağa. Tək gəldin, yoxsa yoldaşın da var idi? Fərhad. Xeyr, əmi can, tək gəlmədim, Musa ilə gəldim, Zeynal bəyin oğlu ilə. Hacı Səmədağa. Bir de görüm gimnaziyanı yaxşı tamam eliyə bildinmi? Fərhad. Bəli, yaxşı tamam elədim, hətta bir qızıl medal da ənam aldım. Hacı Səmədağa. Mərhəba, oğlum! Mənim səndə zənnim var idi. Afərin, afərin! Mirzə Qoşunəli.. Xeyr!.. Bu oğlan elə şəxsin yurdunda oturmayıb ki, axırın yetirməyə. Fərhad. Mirzə, əyləş, işinə məşğul ol. Mirzə əyləşir. Hacı Səmədağa. M u s a da yaxşı qurtardımı? Fərhad. Bəli, o da yaxşı qurtardı. Mirzə Qoşunəli.. Allaha şükür, Allaha şükür! Allah onun atasına rəhmət eləsin, kasıb kişidir, İmdiyədək borc, xərc onu oxudub. Gözlərinin tikənəcəyi bir odur, bəlkə bundan sonra oğlunun səbəbinə bir parça çörək sahibi ola. Hacı Səmədağa. Xub, İmdi, bala, şükür olsun Allaha ki, biz də qeyddən qurtardıq. Bir belə zəhmətdən sonra oxuyub dərsini tamam elədin. İmdi mən də qocalıb əldən düşmüşəm. Oturarsan öz mülk-maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur, əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan. Fərhad. Doğrudur, əmi. Bu sözləri buyurursan, amma, məgər mən bundan ötrü sümük sındırmışam ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə idi, heç əvvəldən oxumazdım. Bir belə zəhməti çəkənəcən, gedərdim əkinçiliyə. Hacı Səmədağa. Xub, bəs belə olan surətdə sənin fikrin nədir? Fərhad. Bağışlayın, əmi, insan ki elm oxudu, gərək onun elmindən elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmli adamlar hamıdan artıq bizlərə lazımdır. Çünki camaatımız başsızdırlar. Bu vəzifəni yerinə yetirməkdən ötrü mənim elmim kifayət etməz. İmdi mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq. Hacı Səmədağa. Ay balam, bu dilləri sənə kim öyrədib? Sən ki bir sadədil uşaq idin?! Oğlum, Fərhad, Qurbanın olum, bu fikirləri başından çıxart. İmdiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir. Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək, pənah Allaha, ola ya olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin başına dönüm, hələ sən uşaqsan, beynin dolu qandır. Amma biz dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil ki, bizim sözümüzdən çıxasan. Mirzə Qoşunəli.. Fərhad bəy! Hacı əmin düz buyurur. Bu kişi həmişə sənə atalıq eləyib. Əlbəttə, bu sənin pis olmağını istəməz və bu yerlərdə sənin ondan artıq xeyirxahın yoxdur. Fərhad. Əlbəttə. Bu mənim məlumumdur ki, əmimin mənim boynumda çox haqqı var. Amma yenə əmimdən təvəqqe eləyirəm ki, İmdiyədək mənim zəhmətimi çəkib, bir beş il də bundan sonra zəhmətini müzayiqə eləməsin. Hacı Səmədağa. İmdi ki belə möhkəm durursan, özün bil, bir sözüm yoxdur. Hələ get, bir ananla da görüş, söhbət elərik. Fərhad gedərkən Çingiz nəfəsini dərə-dərə, yüyürərək daxil olur. Çingiz. Bıy, sənin başına dönüm, ay əmioğlu! Xoş gəlibsən! (Fərhadın üzündən öpür.) Gəldiyini İmdicə bazarda eşidib burayadək yüyürmüşəm. Hələ de görüm, çörək yeyibsən, yoxsa acsan? Fərhad. Yox, ac deyiləm. Bir az bundan irəli yolda, karvansarada, Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörəklə doyunca yemişik. Çingiz. Xa, xa, xa!.. İki adam bir cücə yeyiblər. Xa, xa, xa!.. Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər. Xa, xa, xa!.. Fərhad (gülür). Bir qoyunun da şaqqasını yemək olarmı? Çingiz. Vallah, dünən mərc eləmişdik, bir budu şişə çəkib, iki çörəklə tək yemişəm. İnanmırsan, mirzə gülbəsərdən soruş! Mirzə Qoşunəli.. Bəy, yenə mənə sataşdın? Çingiz. İmdi, sənə bir yol mirzə gülbəsər deyəndə nə olar? Mən ölüm, mirzə, yedim, yoxsa yox? Mirzə Qoşunəli.. Bəli, doğrudur. Çingiz. İmdi, mirzə, mən ölüm, de görüm, sən də bir budu yeyə bilərsən? Mirzə Qoşunəli.. Xeyr, başına dönüm, mən bacarmaram. Sənin iştahına da heç kimin sözü ola bilməz. Çingiz. Əlbəttə, heç kimin sözü ola bilməz. Hacı Səmədağa. Ay gədə, sarsaq-sarsaq söyləmə. (Fərhada) Get, qadan alım, ananın yanına. Çingiz (Fərhadın qolundan çəkir, atıla-atıla oxuyur): Gülbəsərdi, gülbəsər, Qocalsa başı əsər. Mirzə Qoşunəli.. Bəli, bu da bizim qazancımız. Hacı Səmədağa. Mirzə, bir dur yaxına gəl sənə sözüm var. (Mirzə gəlib hacının yanında əyləşir.) Mirzə, bu uşaq gəlibdir. İmdi mənim kürkümə birə düşüb. Sən gərək bir məsləhət töküb, mənim ürəyimi xofdan çıxardasan. Mirzə Qoşunəli.. Bəli, qulluğunu buyur görək. Hacı Səmədağa. Mirzə, mən imdiyədək bu uşağın xərcini çəkmişəm. Ayda otuz manat mən ona libasdan, kitabdan, şkoladan əlavə pul göndərmişəm. Vallah, elə bilirəm ki, bu pul mənim ətimdən kəsilib. İmdi də bir ayrı fikrə düşüb. Danışdığı dilləri də ki eşitdin. Mən bunu İmdiyədək əlimdə saxlamışam. İmdi qorxuram gedə oxuya, gələ, sonra öhdəsindən gələ bilməyim. Gərək mənə bir məsləhət tökəsən. Mən bir növ bu uşağı burada saxlayam. Əgər burada qalsa, mən onu elə əlimə dolaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Sən bilirsən ki, bunun atasının cəmi mülkü mənim əlimdədir, nə qədər mənfəət eləyirəm. Əgər bunu əldən buraxsam, bütün nəflər əlimdən çıxar. Mirzə Qoşunəli. (baş barmağını alnına qoyub fikrə gedir). Necəsən, mən bir tədbir töküm ki, Əmr Asın da ağlına gəlməsin? Hacı Səmədağa. And olsun Allaha, oğlum Çingizin canı üçün, səni dünya malından qəni elərəm. Mirzə Qoşunəli. Dünya malı mənə lazım deyil, onca manat pul ver, bir donluq da mahud, bu saat deyim. Hacı Səmədağa. Vallahi verərəm. İyirmi manat da verərəm, ancaq de. Mirzə Qoşunəli. Sən gəl Fərhad bəyi bir neçə günlüyə göndər kəndə gəzməyə və o gedəndən sonra birisinin qızını özündən bixəbər ona istə, al. Elə olsun ki, gəlsin ki, şirni də içilib, tamam olub. Ondan sonra ilişib burada qalasıdır. Amma bəşərti ki, toyunu da tez eləyəsən, ha! Hacı Səmədağa. Afərin, mirzə, sədd afərin! Həqiqət gözəl tədbirdir. Xub, bəs mən ona kimin qızını istəyim? Mirzə Qoşunəli. Nə qədər fikir eləsən, Məcnun bəydən yaxşısının qızını tapmayacaqsan. Əvvəla onun qızı çox gözəldir və əlavə Məcnun bəy sənin müxlisİndir. Ayağından öpüb qızını verər. Hacı Səmədağa. Sədd afərin, mirzə! Yediyin çörək sənə halal olsun. Mən bu gün-sabah Fərhadı göndərərəm kəndə və axşamı da Məcnun bəyin evinə elçi göndərərəm. Payız girməmiş də, inşallah, toyu elərəm. (Durur ayağa.) Çox sağ ol, mirzə. Məni qeyddən qurtardın. Mirzə Qoşunəli. Bəs, hacı, bizim xələt? Hacı Səmədağa. Belə mənim bu gözlərim üstə. And içmişəm, verəcəyəm. Amma bu söhbəti bir adam bilməyə ha! Mirzə Qoşunəli. Hacı, nə buyurursan? Məgər sən mənə bələd deyilsən? Hacı Səmədağa. Əlbəttə, əlbəttə... (Fərhad gedən qapıya yumruğunu göstərir.) Saxlaram səni! Pərdə * * * İkinci məclis Həmin otaq. Mirzə Qoşunəli. qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç nəfər kənd əhli görünür. Mirzə Qoşunəli. (geri dönüb kəndlilərə). Siz burada durun, qapının dalında, mən gedim Fərhad bəyə ərz eləyim. (Qapını örtüb, gəlib sağ tərəfdən keçir, bir azdan sonra Fərhad bəylə bahəm qayıdır.) Fərhad. Bəs məni görmək istəyənlər, mirzə, hanı? Mirzə Qoşunəli. Burada, qapıda durublar. Fərhad. Çağır gəlsinlər içəri. Mirzə Qoşunəli. Bəy, onların ayaqları, libasları tozludur, mən necə onları otağa çağırım? Xalı-gəbəni xarab eləyərlər. Yaxşı olardı ki, özünüz qapıya çıxıb, əhvallarını soruşub, yola salasınız. Fərhad. Düzdür, əmim həmişə yanına rəiyyət gələndə çıxıb onunla qapıda söhbət edib yola salır. Mən bunun mənasını başa düşmürdüm, İmdi anladım. Əmimə de və özün də bilginən ki, ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncərəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz. Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Zəhmət çəkib çıx, o kişiləri buraya çağır! Mirzə Qoşunəli.. Bəy! Doğrusu budur ki, hacı ağanın qəzəbindən qorxuram. Sən məni onun qəzəbinə düçar eləmə. Mən də bilirəm ki... Fərhad. Bilirsən, bəs niyə danışmırsan? Mirzə Qoşunəli. Nə eləyim, ay Qurbanın olum? Bir parça çörək yeyirəm, əlacım nədir? Gərək hacının xahişi ilə rəftar edəm, yoxsa.. Fərhad. Nə yoxsa? Dalını de! Bir parça çörək ucundan din, əqidə, iman hamısı badə gedir? Get, get, get, mirzə! Buradan sənin sifətin, bağışlaginən, mənə bir ayrı cürə görünür. Get, get. Mən özüm kəndliləri çağırıb danışaram. Sən də cavabdehəndə olmazsan. Mirzə Qoşunəli. Bəy, görünür ki, sən mənim ərzimə dürüst mültəfit olmadın. Fərhad. Xeyr! Çox lətif anladım. Xatircəm ol, get, mirzə. Bəlkə gəldi, səni burada gördü. Mirzə sol qapıdan gedir, Fərhad iki əlini qoynuna qoyub bir qədər vaxt dalınca baxır, sonra qapını açıb kəndlilərə. Fərhad. İçəri gəlin, içəri gəlin! Əvvəlincikəndli. Ayağımız tozludur, Qurbanın olum. Fərhad. Eybi yoxdur, gəlin içəri. (Kəndlilər içəri gəlib, baş əyirlər.) Xoş gördük, lələlərim, xoş gördük! Kefiniz, əhvalınız necədir? (Onlarla əl verir. Əvvəlincikəndli istəyir Fərhadın əlini öpsün, qoymur.)Yox, yox! Razı deyiləm, layiq deyil sənin kimi ağsaqqal kişi əlimdən öpsün. Ala buradan öp. (Üzünü göstərir. Kəndlilər bir-bir onun üzündən öpürlər.) Belə yaxşıdır! Di əyləşin, söhbət eləyək. İkincikəndli. Q u r b a n ın olum, biz ata-babadan ağa qulluğunda oturmağa adət eləməmişik. Bizə izn ver qulluğunuzda duraq. Fərhad. Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsənmi? İkincikəndli. Necə ağa? Fərhad. Elə-belə soruşuram, lazımdır. İkincikəndli. Bəli, bəy. Evdə acı qəlyandan, zaddan çəkərəm. Yola çıxanda yanımda çubuq olur. Fərhad. Necə, yaxşı adətdir, ya pis? İkincikəndli. Başına dönüm, haradan yaxşı adətdir, adamın canını puç eləyir. Üçüncü kəndli. Bizim kənddə keçmişdə bir şair Həsən var idi ey, o deyərdi: qəlyan, əl yan mal yan, can yan. Fərhad. Yaxşı deyib, çox yaxşı deyib, bəs görünür pis adətdir. İkincikəndli. Əlbəttə, Qurbanın olum, Allah kəssin belə adəti. Fərhad. İmdi ki adətin pisi, yaxşısı olur, əyləşin. (Kürsüləri göstərir.) Üçüncü kəndli. Qurbanın olum, biz orada oturmaq bacarmarıq, yıxılarıq, qolqıçamız əzilər. Bizim üçün yer rahatdır. Fərhad. Eybi yoxdur, yerdə oturun. Mən də sizin rahat olmağınızı istəyirəm (Əyləşirlər. Fərhad kürsü üstə, kəndlilər isə yerdə otururlar.) Şəhərdə işiniz var idi, yoxsa mənim yanıma gəlmisiniz? Əvvəlincikəndli. Bəli! Bazara meyvə gətirmişdik. Eşitdik ki, təşrif gətiribsiniz, gəldik qulluğunuza baş əyək. Fərhad. Çox xoş gəlibsiniz. Mən də dünən gəlmişəm. İstəyirəm bu gün, günortadan sonra sizə qonaq gələm, kəndə. İkincikəndli. Gözümüz aydın olsun ağa! Allaha şükür, lap böyük oğlan olubsan. Fərhad. Çox sağ ol, lələ! Bağınız, əkininiz necədir? İkincikəndli. Niyə, Allahın dövlətindən yaxşıdır. Bildir əkinləri dolu döydü, amma bu il yaxşıdır. Bağların meyvəsi də Allaha şükür, boldur. Fərhad. Bəs eşitdim mallarda naxoşluq var imiş? Üçüncükəndli. Malların işi, Qurbanın olum, asandır. Bir dananın burnu qanayanda böyründən neçə həkim çıxır. Ancaq insana qulaq asan yoxdur. Hər kimi ağrısı tutsa, gərək kəfənə adam göndərəsən. Fərhad. Məgər yaxında həkim yoxdur? Əvvəlincikəndli. Həkim bir günlük yolda olur, yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə atla. Qonşu kənddə bir otaylı nüsxəbənd var. Həkimlikdən də az-maz başı çıxır. Gedib bir manat verib gətiririk. Otdan, ələfdən verib, çıxıb gedir. Üçüncükəndli. Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Feyzulla kişinin külfəti yeri ilə batdı. Necə aydan sonra, budu gördük, bir həkim bir arıq yabının belində budu gəldi. Gəldi gördü azar çoxdan qurtarıb, yabının başına biriki ağac vurub qayıtdı, getdi. Fərhad. Yox, belə olmaz. Buna əlac lazımdır. İmdi gəlirəm kəndə, ətraf kəndlərdən də camaatı yığaram, bir kağız qayırıb dövlətdən həkim istərsiniz. Özüm də həkimlik oxumağa gedirəm. Dərsimi tamam eləyəndən sonra, gəlib içinizdə oturram, işiniz daha yaxşı keçər. Kəndlilər. Allah ömrünü uzun eləsin! Allah sənin kölgəni bizim başımızdan əskik eləməsin! Fərhad. Bu il baramanız necədir? İkincikəndli. Barama yaxşı olmadı. Bu il bir urus gəlmişdi, deyirdilər ki, içəridən göndəriblər, gəldi bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdlarınız qırılır. O deyirdi ki, tikdirdiyiniz komalar yaramaz. Gərək ayrı komalar tikəsiniz. Beş dənə də müsəlmanca yazılmış kitab verdi ki, bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik? Üçüncükəndli. Mən o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən, bir şey başa düşmədi. Kitabı o yan-bu yana vərəqlədi dedi: “Boş şeydir, ata-baba qaydanızla barama saxlayın. Azçoxluğu bağlıdır Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama saxlayıb məhsul götürə bilərsiniz”. Birincikəndli. Bizim qonşumuzda bir erməni var, kor Minas! İkincikəndli. Minası demə! Onun işi əcazdır, əcaz! Birincikəndli. Budur neçə ildir, bir ev tikdirib, orada barama saxlayır. Bu il eşitməmişəm ki, onun qurdları tələf olsun. Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram. Fərhad. Bəs o rus verən kitabı mənim əmim görmədi? Birincikəndli. Gördü, oxudu, dedi ki, bir belə barama komasının yüz manat xərci var. Qurban ın olum, biz yüz manatı haradan alaq? Fərhad. Niyə, əmim pul verə bilməz idi? Lazım olan qədər əmimdən pul götürün, koma tikdirin, sonra baramanı satıb gətirib verərsiniz. Siz xahiş eləsəniz, hər bir adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. (Kəndlilər başlarını aşağı salırlar.) Niyə kiridiniz? Birincikəndli. Dəxi nə ərz eləyək? Fərhad. Yox, sizin ürəyinizdə söz var, bilmirəm niyə demirsiniz? Siz mənimlə açıq danışın, mən də sizin kimi bir adamam, nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Üçüncükəndli. Bəy, doğrusu budur ki, Hacı Səmədağa ilə bizim sövdamız tutmur, mən bilmirəm onun əlinin suyunu... Fərhad. Necə? Üçüncükəndli. Bizə pul lazım olanda həftə bazarına gedib, ayda tümənə bir abbası müamilə ilə Hacı Səfərdən alırıq. Amma Hacı Səməd ağa ayda manata beş şahıdan əskik müamiləyə pul vermir. Fərhad. Nə danışırsan, kişi? Bu, ildə yüz manata altmış manat müamilə eləyir?! Məgər mənim əmim belə iş görür? O ki bir mömin, namaz qılan, şəriətdən baxəbər şəxsdir. O niyə belə eləyir? İkincikəndli (üçüncü kəndlini göstərir). Bu yazığa üç-dörd il bundan qabaq otuz beş manat pul vermişdi, əlli manatadək hacıya pul verib, yenə borcludur. Fərhad. Yox, mən əmimi belə bilmirəm. Mən onunla bu barədə danışaram. Bu yaxşı iş deyil ki, əmim tutur. Hacı Səmədağa Mirzə Qoşunəli ilə daxil olurlar. Rəiyyətlər və Fərhad ayağa dururlar. Hacı Səmədağa. Bu nədir? Bu nədir? (Rəiyyətlərə) Siz öz məğamınızı bilirsiniz ya yox? Siz İndiyədək bu otağın içini görübsünüzmü? Otağı toza-torpağa bulamağınız kifayət etmir, hələ bir əziz qonaqlar kimi istirahətlə də əyləşibsiniz?! Birincikəndli. Hacı ağa. Bizə Fərhad bəy izn verdi, biz də onun qulluğunda oturduq. Hacı Səmədağa. Fərhad bəy uşaqdır, amma sən ağsaqqal heyvansan, gərək ağa ilə nökərin yerini biləsən. Fərhad. Əmi, nə buyurursunuz? Məgər bunlar da bizim kimi adam deyillərmi? Hacı Səmədağa. Yox! Bunlar adam deyillər, rəiyyətdirlər, rəiyyət! Başa düşürsənmi? Fərhad. Xeyr, başa düşmürəm. Hacı Səmədağa. Onda bunlar çıxsınlar eşiyə, mən səni başa salım. (Rəiyyətlərə.) Gedin çöldə oturun. (Rəiyyətlər gedirlər.) Bilirsən, Fərhad, sən uşaqsan, bu cəmaətə bələd deyilsən, rəiyyət tayfası deyəndə, bir bihəya məxluqdur. Bu gün izn verərsən yanında otursun, sabah görərsən özü səndən izinsiz gəlib kürsülərin üstündə əyləşib. Bir azdan sonra da gəlib boynuna minəcək. Bunlara nə qədər qapaz dəysə, bir elə tabe olarlar. Fərhad. Əmi, niyə belə sözləri buyurursunuz? Bu yazıqlar, vallah, insandırlar. Bizimtək, bəlkə də bizdən də bir az yaxşı insandırlar. Bunların da ürəklərində dərdləri var, qəmləri var, bu yazıqlara ürək dərdlərini heç kəsə söyləmək mümkün olmur. Bəy yanına gəlirlər, qapıya çıxıb üç kəlmə danışıb yola salırlar. Aralarına yüzbaşı gəlir, onlarla qamçı ilə danışır. Pristav söyüşlə söhbət eləyir. İmdi mən bunlarla danışırdım, deyirlər ki, hər il barama qurdlarımız qırılır, çünki kitab üzü ilə tikdirməyə pul tapmırıq. Pul da lazım olanda gərək gedib elə müamilə ilə götürək ki, ömrümüz olanı altından çıxa bilməyək. Hətta deyirlər, bir zalım, nainsaf, Allahdan dönmüş var ki, onlardan ayda manata beş şahı müamilə alır. (Hacı səksənir.) Bax, təəccüb elədiniz?! Nə olar ki, onlara müamiləsiz pul verəsiniz ki, gedib o növ məlum müamilədarın əlinə keçməyələr? Hacı Səmədağa. Yalan deyirlər, inanma. Elə şey olsa, mən bilərəm, yalan deyirlər. Fərhad. Əmi, inanmıram yalan deyərlər! Nə düşüb onlara yalan desinlər? Və əlavə deyirlər ki, onlara kitab paylayıblar, baramaçılıq kitabı. Kənddə bir nəfər savadlı yox imiş ki, o kitabı oxuyub onları başa sala. Biz gərək səy edək ki, onlar uşaqlarını oxutsunlar. Məgər insafdır ki, bir kənddə bir savadlı adam tapılmasın? Hacı Səmədağa. Bala, qulaq ver, sən gedib o camaatın içində bir neçə gün otursan, bilərsən ki, onlar necə məxluqdurlar. Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir. Hərgah bunlara biz elm oxutsaq, gərək sonra gedib dilənək. Hərəsi gedib başına bir şapka taxıb deyəcək ki, mən abrazonam. Ondan sonra hünərin var onlarla danış. Gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdır. Kəndə gedəcəksən, məhəl qoymayacaq, deməyəcək ki, ağa gəlib, gedim ona bir salam verim. Fərhad. Yəni öz hüququnu dürüst anlayacaq! Hacı Səmədağa. Buna sən hüquq deyirsən? Buna sən hüquq deyirsən? Bu, hüquq deyil! Mən bunu heç vədə qəbul etmərəm. Mənim yaşım altmışdan ötüb, bu gün-sabah ölərəm. Onda bilərsən ki, qoca əmin doğru danışırmış. Fərhad. Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzəranı artsın. Hacı Səmədağa. Bala, mən deyəni sən başa düşmürsən. Ta bir müddət bəylik eləməyincə bilməyəcəksən. Gedib bir para sarsaqsarsaq kitablar oxuyubsan, oturub danışırsan. O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Rəiyyət nədir, dövlət nədir, elm nədir, sənət nədir? Rəiyyət ki dövlətləndi, gərək bəy baş götürsün kənddən çıxsın. Fərhad. Əlbəttə, gərək çıxsın! Nə istəyir bəy bu yazıq rəiyyətdən? Açıq danışmaq istəyirəm, Allahın yerini kim sənə məxsus edibdir? Nə səbəbə yer sənin olsun? Niyə bəy öz zəhməti ilə çörək yeməsin? Məgər bu, insan sifətidir? Siz rəiyyətə heyvan deyirsiniz. Öz alnının təri ilə çörək qazanan heyvan deyil, bəlkə xalis bir insandır! Kifayətdir min illərlə camaatı əsir edib öz həmcinsiniz insanın qanını sorduğunuz! Hər kəs öz hüququnu tanısa yaxşıdır. Heç kimin ixtiyarı yoxdur desin ki, yer mənİmdir. Yer Allahındır və hər kəs gərək o yerdən aldığı mənfəətə tək özü sahiblik edə. Hacı Səmədağa (Mirzəyə). Vallah, bu uşaq deyəsən dəli olub. Gedib kənddə bir-iki belə söz danışsa, camaatı bilmərrə bizim üzümüzə durğuzacaq. Axırda da erməni Simonun oğlu kimi qollarını bağlayıb göndərəcəklər birbaş Sibirə. (Fərhada) Qurban ın olum, ağlını başına cəm elə, bu sözləri burada danışdın, keçər, daha gedib kənddə danışma! Nə eləyək, elə ki mən də öldüm, kəndə sahidik elədin onda özün bil. (Mirzəyə) Mirzə, dahı bunu danışdırmaq xatadır, gedək. Gedirlər. Fərhad (dallarınca). Gedin, gedin, bir vaxt olar, sizdən hesab istərlər. Bu dilləri onda danışarsınız. Hələ bir müddət isti otaqlarda, yumşaq yorğandöşəklərdə istirahət edin, amma sizi öz zəhmətləri ilə bəsləyənlər soyuqdan, acından qırılsınlar. Nainsaf zalımlar, bimürüvvət cəlladlar! Hələ dövran sizİndir. Amma bunu yəqin edin ki, buynuzsuz qoçun qisasını, buynuzlu qoçda qoymazlar! Batar sizin kimi xunxar cəlladlar! Pərdə * * * Üçüncü məclis Həmin otaqdır. Hacı Səmədağa, Mehrixanım və Mirzə Qoşunəli., qoltuğunda bir mücrü, durublar otağın ortasında. Hacı Səmədağa (Mirzəyə). Mirzə, bizim evimizin məhrəmi sənsən. Gərək şirin üstə özün gedəsən. Mirzə Qoşunəli. Baş üstə, borcumdur. Mehrixanım. İmdi bu alınanlar nə qədər şey oldu? Hacı Səmədağa. Nə bilim, rəhmətlik uşağı. Adımı eşidib elə bilirlər ki, mən xəzinə üstündə oturmuşam, lap göydən gedirlər. On put şirni istəmişdilər, yeddi dəst iri xələt, on iki dəst xırda xələt, beş iri qənd kəllələri, bu mücrü də ki nişanlardır. Mehrixanım. Dahı niyə darılırsan? Bircə qardaşın oğlu var. Belə şeyləri sən ona niyə çox görürsən? Hacı Səmədağa. Yox, vallah, çox görmürəm. Fərha dın adı gələndə və gələn yerdə mən canımdan keçərəm. Ancaq dediyim odur ki, bir belə şeylər nəyə lazımdır? Beş put şirni də kifayət edərdi, xələtin də yarısı. Mirzə Qoşunəli.. Nə sözdür! Fərhadın bu dünyada səndən savayı kimi var? Allah sənin oğlunu saxlasın, sən həmişə onun xoşbəxt olmağına çalışıbsan. Hacı Səmədağa. Xudavəndi-aləm məni qiyamətə rəiyyət sifətində gətirsin, əgər mən onu öz oğlum Çingizdən artıq istəmirəmsə. Mirzə Qoşunəli.. Yəqin belədir. (Kənara) Əlbəttə mənim də belə halva qardaşım oğlu olsa, onu nəinki öz oğlumdan, bəlkə canımdan da artıq istərəm. Çingiz (yüyürərək daxil olur). Dədə, dədə! Budu Fərhad İmdicə gəldi, atdan düşdü. Mən onu tutub dartıram baqqal dükanına ki, mənimlə mərcləşsin, on beş girvənkə gilası bir oturuma yeyim, o elə bir ucdan soruşur ki, bu yüklü qatırlar nədir, burda durub? Hacı Səmədağa (intizarla). Nə deyirsən? Fərhad doğrudan gəldi? Çingiz. Vallah doğru deyirəm, bu saat gələcək buraya. (Gedir.) Hacı Səmədağa. Bax, mirzə, cəmi taqsır səndədir, gərək bu iş dünən tamam olaydı. Mən sənə neçə dəfə dedim ki, kişi, işi təcili gör! Mirzə Qoşunəli.. Mirzə başına nə daş salsın, ay hacı?! Qız evinə ayaq döyməkdən çustlarım dağılıb. Getdim, gəldim, elə dedilər ki, şənbə günü saat xoşdur, ayrı günü qəbul eləmədilər. Mehrixanım. Əlbəttə gərək xoş saat ola, yoxsa bu şirni içmək zarafat deyil. Hacı Səmədağa. Mən dediyim ayrı söhbətdir, sən bilməzsən. Mehrixanım. Nə deyim? Fərhad yorğun halda girir içəri. Fərhad. Əmi, bu yüklü qatırlar nədir, qapıda dayanıblar? Hacı Səmədağa (gülə-gülə). Qurbanın olum, şirnidir. Alıb göndəririk Məcnun bəyin evinə. Belə sənə şirni içirik. Fərhad. Sizə kim tapşırmışdı mənə şirni içəsiniz? Məgər mənim evlənmək fikrim var idi? Siz özünüz bilirsiniz ki, mən bir-iki aydan sonra çıxıb gedəcəyəm. Hacı Səmədağa. Qurbanın olum, sən gedəndən sonra mən də anan da, hətta Mirzə Qoşunəli. də yığılıb sənin səlahın üçün bu məsləhəti qoymuşuq və sənin getməyini də, hərçənd sən deyirsən, biz məsləhət görməmişik. Qurban olum sənə. Sən hələ uşaqsan, başa düşmürsən. Amma biz sənin böyüyünük, sənin məsləhətini səndən yaxşı biz başa düşürük. Fərhad. Əmi, belə iş olmaz. Əvvəla, doğru buyurursunuz, bu heç vədə mənim məsləhətim olmaz, çünki mənim cəmi-cümlətanı on səkkiz yaşım var. Hələ evlənmək vaxtım deyil və bir də siz ki, bu işi görürsünüz, nə olardı mənə də xəbər eləyəydiniz. Hacı Səmədağa. Başına dönüm, iş tələsiyə düşdü. Baxdım, gördüm, Səfərxanlı bəyləri elçi göndəriblər. Sən gedən gündən gedib qızı istəyəcəklər, doğrusu, qorxdum qız əldən çıxar. Məsləhət bilib, sənə xəbər eləməmiş, gedib qızı istədik. Bir yamanlıq ki eləməmişik?! Fərhad. Dahı yamanlıq siz nəyə deyirsiniz? Insanı da özündən bixəbər evləndirmək olarmı? Məgər bu da sizlərdə adətdirmi? Doğrusu, utanıram, sizə də deyə bilmirəm. Ancaq mən heç kəsi vəkil eləməmişdim məni evləndirsin. Hərçənd siz bu işi görübsünüz, amma mən razı deyiləm. Hacı Səmədağa. Yəni sənin dediyin bu deyil ki, sən bizi vücud hesab eləmirsən? Mənim xahişim budur, gərək də belə ola. Fərhad. Mən bu günə cavabı sizdən eşitmək istəmirdim. Amma İmdi ki, iş məqama çatdı, mən də açıq deyirəm: heç kəs mənə vəkil deyil, hətta mənim əmim də olmuş ola. Mən evlənmək vaxtımı özüm bilirəm. Hər kəsi gözüm tutar, ürəyim sevər, alaram. Özüm də getməliyəm. Bu saat bir adam göndərəcəyəm, ya özüm gedəcəyəm, Məcnun bəydir, nə itdir, onun yanına və məlum eləyəcəyəm ki, onun qızı mənə lazım deyil və heç kəs də vəkil deyil mənim tərəfimdən kəbin kəsdirməyə. Hacı Səmədağa. Ay balam, bu nə sarsaq sözlərdir danışırsan? Adamı görmüşük atası, anası evləndirər, əmisi evləndirər. Mən də camaat arasında bir abır sahibiyəm. Sən necə razı olarsan ki, sənə İmdiyədək ata yerində olan əminin abrısı tökülsün? Fərhad. Mən bir nəfər şəxsin abrısı tökülməməkdən ötrü özümü bədbəxt eləyə bilmərəm. Hacı Səmədağa. Artıq-əskik danışmaq lazım deyil. Sənin borcundur oturasan öz yerində və böyük nə desə itaət eləyəsən. Me hrixala. Qurban ım olum, vallah, səni heç kəs dünyada əmincə istəmir. Sən niyə onun sözünə bərəks gedirsən?! Fərhad. Bəli! Sən də məni çox istəyirsən, onu da görürəm. Belə məlum olur ki, sənin də beynini yeyiblər. Sən hərgah mənə ana olsaydın, mənim kimi oğlu tullayıb, dingildəyib ərə getməzdin. Heç kəsin sözü bu saat mənim qulağıma girməz. Mən uşaq deyiləm, bu dəqiqə gedirəm Məcnun bəyin evinə. (Getmək istəyir.) Hacı Səmədağa (onun qolundan tutur). Dayan! And olsun Allaha, bu saat qiyaməti bərpa elərəm. Fərhad. Əldən qoy məni! Qiyamət onda bərpa oldu ki, atam öldü və məni qəza saldı sənin qaynağına. Mirzə Qoşunəli. Fərhad! Hər tərəfdən yüzədək qonaq çağırılıb, bəs onlar nə deyərlər? Fərhad. Kəs səsini, qabyalayanın biri! Sən nə danışırsan? Sən nə Hacı Səmədağa üçün qaya olubsan! Ondan çıxan səs səndən çıxır. (Hacıya.) Burax qolumu! Hacı Səmədağa. Yəni dediyin nədir? Fərhad. Burax qolumu! Hacı Səmədağa. Buraxmaram! Fərhad. Sənə, əldən qoy deyirəm, yoxsa vallah, səni artıq bihörmət elərəm. Hacı Səmədağa. Dahı bundan artıq nə bihörmətlik olacaq? Xahişin bu deyilmi ki, məni bir saqqallayıb da döyəsən? Gəl bəri! (Fərhad dartınır. Hacı onu itələyib sol tərəfdən otağa salıb, qapını bağlayır.) Nəməkbəhəram! Di get, hər nə bilirsən elə, nəməkbəhəram, məlun! Fərhad (qapının dalından). Nəməkbəhəram mən deyiləm! Mən öz çörəyimi yeyib minnət götürmürəm. Nəməkbəhəram o adamdır ki, özgə çörəyi ilə adam olub, yolundan çıxa! Hacı Səmədağa. Kəs səsini, məlun! And olsun Allahın birliyinə, bir il tamam bu otaqda Dustaq saxlaram, dilini kəsməyincə səni buradan buraxmaram. (Mirzəyə) Mirzə, sən dayanma, şirnini götür, düş yola! Özün də qabaqca get. Evin ağsaqqalısan. Mən də budur gəlirəm. Mirzə Qoşunəli.. Baş üstə (öz-özünə). Inşallah, hər iki tərəfin xoşhallığı ilə iş əmələ gəldi. (Gedir.) Hacı Səmədağa (Fərhada tərəf). Kəsərəm sənin nəfəsini! Fərhad (dalınca). Mən bəlkə öləm, nəfəsim kəsilə! Polad sınar, əyilməz! Hacı Səmədağa. Mən səni kürəyə salaram, altını zindan elərəm, üstünə çəkic, çox göyçək əyilərsən. Bir adamın ixtiyarı yoxdur mənsiz bunu buradan çıxartsın. (Mehrixanıma) Sən də get qonaqlarını götür, düş yola. Mehrixanım sağ qapıdan və hacı orta qapıdan gedirlər. Otaq bir az vaxt boş qalır, sonra Musa daxil olur. Musa. Bu ev niyə boşdur? Fərhad da deyəsən, yorulmuş adam, evdən çıxıb. Fərhad (daldan). M u s a! M u s a! Musa. Ay balam, oraya niyə giribsən? Fərhad. Bircə gəl bu qapını aç, sonra bilərsən, deyərəm dərdimi sənə! Musa (qapını açır, Fərhad çıxır). Bu nə gündür düşübsən, ay binəva? Gözümüz aydın olsun! Fərhad. Mənə niyə gözaydınlığı verirsən? Gözaydınlığı o adama verginən ki, qanımı içməklə məramına yetir. Ziyafət eləyirlər, iki yüz qonaq çağırıblar, mənə nişan taxırlar. Bəs səni niyə çağırmayıblar? Musa. Çağırıblar, amma özüm getmədim. Fərhad. Niyə? Musa. Bildim ki, bu işdən sən narazısan. Doğrusu, mənim də pisimə gəldi, getmədim... Hələ bir de görüm bu nə zindandır, səni salıblar? Fərhad. Nə deyim, nə eşidəsən? Bu saat mənim ürəyim qandır, dünyanı gözüm görmür. Məgər yetim adamın gərək günü həmişə qara olsun? Mən öz bəxtimdən narazı oldum, məni zindana saldılar. Bilmirəm, vallah, nə qayırım, ya gərək özümü öldürəm, ya bir başqa adamı. Musa. Məgər sənə heç məsləhət eləmədilər? Fərhad. Deyirlər böyük bilən yaxşıdır. Yəni böyük hər nə çalsa, kiçik gərək oynasın. Musa. İmdi bəs sənin fikrin nədir? Fərhad. Mənim fikrim nə olacaq? Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır. Qurbanın olum, Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən. Gərək mənə sən bir fikir çəkəsən. Musa. Balam, mənə fikir çəkim, bu yerdə mənim əlimdən nə gələr? Fərhad. Mu a, burada hamısı məni təkləyib, yeməyə çalışır. Barı sən məni tək qoyma. Gərək ya sən gedəsən Məcnun bəyin yanına, ya ikimiz də bir yerdə gedək Məcnun bəyə məlum eləyək ki, onun qızı mənə lazım deyil və deyək hamıya belə desin ki, guya özü məni bəyənməyib, qızını mənə vermək istəmir. Musa. Bundan heç zad çıxmaz. Çünki sən bir nemətsən ki, göydən düşübsən Məcnun bəyin əlinə. O, deyəndə, bir ac adamdır. Elə bir sənin kimisini axtarır ki, qızını onun boğazına bağlasın. Axtardığı yar idi, yetirdi pərvərdigar! Məcnun bəy heç vədə bu təklifi qəbul eləməz. Fərhad. Eləməz, cəhənnəmə qəbul eləsin! Biz ki öz sözümüzü deyərik. Musa. O da mümkün deyil. Gərək bu əhlin adətinə çox yaxşı bələd olasan. Bəyin bir sürü ac qohum-əqrəbası və qardaşları var. Vallah, səni bir gün qoymazlar sağ qalasan. Zarafat deyildir... Fərhad. Ay balam! Axır bir de görüm bəs mən nə eləyim? Axır bağrım çatladı, vallah, çatladı!.. Mu s a. Heç əlac yoxdur. Dinməz, söyləməz otur yerində. Müsibətə qatlaş, möhrü-xamuş vur dodaqlarına. Çingiz, əlində kağıza bükülü şirni, daxil olur. Çingiz. Fərhad! Ala sənə şirni verim! Vallah, bu saat öz payıma düz on girvənkə yemişəm. Bunu da sənə gətirmişəm. Fərhad. Buraya ver görüm. (Alır, kağızdan şirnini çıxarır.) Bu nədir?. Çingiz. Görmürsən nədir? Şirni! Fərhad. Bunu nədən qayırıblar? Çingiz. Elə bilirsən bilmirəm, şəkərdən! Fərhad. Yağı da varmı? Çingiz. Niyə yoxdur, var! Fərhad. Un da qatırlarmı? Çingiz. Qatırlar. Fərhad. Gərək ki, halvanı da undan, şəkərdən, yağdan qayırırlar? Çingiz. Hə! Fərhad. Di onda, sən halvanı yeyinən, şirni pis şeydir, boğazın ağrıyar. (Şirnini çırpır Çingizin sinəsinə.) Di çıx çölə, çıx deyirəm sənə, çıx! Çingiz. F ə r h a d! Mən sənə nə eləmişəm ki, məni qovlayırsan? Fərhad. Çıx deyirəm sənə, çıx çölə! Sənin gözlərin məlun adamların gözlərinə oxşayır. Çıx...Möhrü-xamuş...Xa..xa...xa... (Ucadan gülə-gülə yıxılır, Musa onu tutur.) Musa. F ə r h a d! Nə qayırırsan? Nə oldu sənə?! Fərhad cavab verməyib əl-ayaq çalır. Musa onu yıxır kursunun üstə. Pərdə * * * Dördüncü məclis Həmin otaq. Fərhad başıaçıq əyləşib, əlində bir neçə paket, baxır. Cibindən bir şəkil çıxarıb baxır, bir dərin ah çəkib qoyur cibinə. Fərhad. Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Məni ev sahibi eləyirlər, xoşbəxtliyimə çalışırlar, Allah onlardan razı olsun. Mən razıyam! Vay yazıq Fərhad! Vay bədbəxt Fərhad! Nə fikirlər eləmiş idin, nə xəyallara düşmüşdün, hamısı puç olub hava tək dağıldı. Mənim düşmənim də, Allahdan istəyirəm, bu halətə düşməsin. İki əli ilə başını tutur. Mehrixanım içəri daxil olur. Mehrixanım. Fərhad! Qadan alım, niyə belə eləyirsən? Niyə evdən qaçırsan? Evə də gələndə o kənara, bu kənara çəkilib ağlayırsan? Adam da öz anasından dərdini gizlədərmi? Sənə gözəl-göyçək, gül parçası kimi gəlin gətirmişəm. Vallah, bu şəhərdə heç kəsin elə gəlini yoxdur. Bircə de görüm, sənə nə olub? Fərhad (başını qovzayır). Gəl otur yanımda. Bir de görüm məndən nə istəyirsən? Yəqin ki, mənim evdən qaçmağıma bir səbəb var. İnsanın da ürəyində bir dərdi olmasa, yəqin ağlamaz. Axır bir de görüm, sən nə deyirsən? Nə qarabaqara düşübsən dalımca gəzirsən? Niyə məni öz halımda qoymursan? Mehrixanım. Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Gecə-gündüz elədiyim arzulara çatmışam, sənə toy eləmişəm. Axır səni belə görəndə ürəyim yanır. Fərhad. Bir de görüm sən kimsən ki, mənə belə ürək yandırırsan? Kimsən sən? Mehrixanım. Bu nə sualdır eləyirsən, a balam? Necə mən kiməm? Məgər məni tanımırsan? Fərhad. Yox, tanımıram. Mən bilmək istəyirəm ki, sən kimsən və kimin anasısan? Mehrixanım. Kimin anası olacağam, sənin. Fərhad. Yox, yalan deyirsən. Mənim anam yoxdur. O gündən ki mənim atam ölüb, mən yetim qalmışam. Yox, sən mənim anam deyilsən. Yox, yox, sən ancaq Hacı Səmədağanın övrətisən. Sən mənim anam olsaydın, məni bəsləyib saxlardın. Havan başına vurub, gedib Hacı Səməd ağa tək qaniçənə övrət olmazdın. İmdi sənin oğlunun evini yıxıblar, bədbəxt eləyiblər, gözəl-gözəl arzularını puç eləyiblər, amma sən sevinirsən ki, oğlum evli olub. Deyirsən arzularıma çatmışam. Arzularına sən çatmayıbsan, arzularına çatan tək bir Hacı Səmədağadır. Sən də onunla əlbir olub məni öldürəndən sonra gəlib ağlayırsan! Mehrixanım. Ay oğul! Sən mənim bircə balamsan! İmdiyə tək ayrılığına tab gətirməmişəm. İmdi də dedim oğlum evli olar, eşikli olar. Mən də ona baxdıqca ürəyim açılar. Sən nahaq yerə əmindən inciyirsən. Vallah, o səni öz oğlundan artıq istəyir. Əmin də deyəndə ki, Fərhad istəyir yenə təzədən oxumağa getsin, əvvəl “qoymaram” deyən mən oldum. Əmində heç taqsır yoxdur. İndi də əlacım yoxdur. Yenə səbr elərəm. Getmək istəyirsən, get. Fərhad. Haraya gedim? Mənim ayaqlarım bağlanandan sonra haraya gedə bilərəm? Quşun qanadını kəsib havaya buraxsan, uça bilərmi? İmdi mənim ayaqlarım bağlı, qanadlarım kəsilibdir. Sən sevinirsənoğluma gəlin gətirmişəm, oğlumu ev sahibi eləmişəm, ayrılığa davam eləyə bilmərəm. Beş illik ayrılığına ki, sən davam edə bilmirsən, bəs həmişəlik ayrılığa necə davam edəcəksən? Mehrixanım. Qurbanın olum, sən Allah belə sözləri danışma. Allah mənim ölümümü sənin qabağında eləsin. Həmişəlik ayrılıq nədir? Fərhad. Sən məni puç eləyibsən. Bu saat mənim vücudum bir qara pula dəyməz. Mən fikir edirdim ki, gedərəm, oxuyaram, qayıdaram, amma İmdi mən yarımçıq qalanın biri nəyə lazım? Məndən camaat nə mənfəət ala bilər? Sən analıq məhəbbətinin nə olduğunu bilmirsən. Belə güman edirsən ki, analığın axır vəzifəsi oğlunu evləndirib, ona baxıb fəxr etməkdir. Evlənmək insan üçün lazımdır. Amma zindəganlıq mərami deyil. Sən o vədə fəxr edə bilərsən ki, oğlunu camaat yolunda çalışan, vuruşan, özünü odlara, alovlara toxuyan görəsən. Bəs camaat üstündə ölümə gedən oğullara xeyir-dua verib yola salan analardan xəbərin yoxdur?! Odur ki, mən deyəni sən anlamırsan. İndi bilginən ki, mənim kənara çəkilib ağlamağımın səbəbi nədir. Səni ağladan mənəm? Bifayda olmaqdan isə ölüb bir dəfə qurtarmaq məsləhətdir. Kaş sən məni doğunca bir qara daş doğaydın. Daşdan insane yenə bir fayda çata bilər. Mehrixanım. Anan sənə Qurban olsun, rusun dilini bilirsən, kifayətdir. Gedib, oxuyub gəlib gözlərini donluğa tikincə, oturarsan kəndində, əkərsən, biçərsən, pul başından yağış kimi yağar. Nə qədər də camaata mənfəət verəcəksən, ver. Fərhad. Nə qayırım ki, mənim dilimi sən anlamırsan və yüz il də bundan sonra danışım, yenə anlamayacaqsan. Mən nə mənfəət deyirəm, sən nə tövr başa düşürsən. Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Nə çarə ki, başa düşmürsən. Ancaq oturub Hacı Səməd ağanın ağzından çıxan sözü təkrar eləyirsən. Mən deyirəm ki, sən Hacı Səmədağa ilə birləşib mənim məşəlimi həmişəlik söndürdün, sən başa düşmürsən! Hacı Səmədağa tək yeyib yatıb, qaynağına keçənlərin zəli kimi qanını soranlar, mənfəəti-camaat nəyə deyirlər, ancaq onu anlamırlar. Onların yanında mənfəət söhbəti danışanda, o saat cibləri yadlarına düşür. Sən də Hacı Səmədağanın övrətisən. Mal sahibinə oxşamasa haramdır. İmdi səndən bir söz soruşacağam, doğrusunu söylə. De görüm buraya sən özün gəlibsən, ya Hacı Səmədağa göndərib? Mehrixanım. Nə danışırsan, ay balam?! Məgər özgələr məni sənin yanına göndərməsələr, mən gəlmərəm? Məgər mən sənin anan deyiləm? Heç bir gəlib soruşmayım ki, ay bala, niyə bikefsən, niyə ağlayırsan? Gəlib soruşanda deyəcəksən ki, məni özgə adam sənin yanına göndərib? Fərhad. Bəli, elə deyəcəyəm! Əlbəttə elə deyəcəyəm. Nə qədər and içəsən inanmayacağam ki, sən mənim anamsan. Yenə deyirəm, sən Hacı Səmədağanın övrətisən. Mənim anam olsaydın, mənim tərəfimi saxlayıb Hacı Səmədağanın xahişi ilə rəftar etməzdin. İmdi get Hacı Səmədağaya deginən xatircəm olsun və xatircəm otursun. Çünki məramına çatdı. Bir az müddətdən sonra sənin cəmi dövlətinə bir tək o malik olacaq. Mehrixanım. Ay Fərhad, nə deyirsən? Vallah əmin özü deyir ki, dahı mən qocalmışam, bundan sonra gərək kənd işlərinə Fərhad baxsın. Fərhad. Xeyr, mən kənd işlərinə baxa bilmərəm. Hacı Səməd ağa rəiyyətin qılçından tutub palaz kimi çırpdırır. Amma mən onu bacarmayacağam. Namaz kişinin atası Allahverdini, sənin atan soyuq qış gecəsi sübhədək ayazda saxlayıb, binəva soyuqdan donub ölüb. Mən onu bacarmayacağam. Hacı Səmədağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Amma mən deyirəm ki, Allah heç kəsi bəy ya rəiyyət yaratmayıb. Cəmi insan bir cilddə dünyaya gəlib, hamı qardaşdır. HacıSəmədağa özü istirahətlə əyləşib, rəiyyəti qapıda iki saat saxlayır. Amma mən rəiyyətə əl verib oturdanda, Hacı Səmədağanın xilafirəyi olur. Bəli, bu əqidədə adama Hacı Səmədağa kənd tapşırmaz. İnsafdırmı, rəvadırmı ki, mən adımı bəy qoyub, əl-ayağımı yumşaldım əyləşim, biçarə rəiyyət qışın soyuğunda, yayın istisində əziyyət, məşəqqətlə, əlləri qabar ola-ola işləyib məhsulunu gətirib mənə versin? Nə haqq ilədir bu? Nə ixtiyar ilədir bu? Mən bəyəm, yəni mənim əllərim ağdır, özüm tənbələm, müftəxoram? Rəiyyət borcludur özü ac qala, çörəyinə yavanlıq tapmaya, qazandığının yarısının bidehə verə, qalanını da mənə? Yox, mən bunu qəbul eləmərəm. Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər. Zəli tək rəiyyət bədəninə yapışıb, rəiyyətin qanını sorurlar. Bu sifətlər də Hacı Səməd ağa tək şəxslərin sifətləridir. Otura rahat evinini içində, camaat işləyə, qazana, gətirə, o da müamiləyə verib, hər gecə qırqovulplov yeyə! Dəxi deməyə ki, bu plovun hər düyüsü bir qətrə göz yaşından əmələ gəlmişdir. Mənim əqidəmcə insan gərək öz çörəyini özü qazana, ya elmlə, ya öz qolunun gücü ilə. Amma siz məni müftəxor eləmək istəyirsiniz. Mən də müftəxor olmaq istəmirəm. Müftəxorların camaat içindən çıxmağı məsləhətdir. İmdi get, səni göndərən Hacı Səməd ağanın yanına. Deginən ki, az keçməz, mənim təşvişimi eləməz. Get, ərin gözləyir. Oğul gözünün yaşı sənin ürəyini yandırmaz. Amma Hacı Səməd ağaya gedib bir müjdə versən, səndən razı qalar. Sənə onun razılığı lazımdır. Dur get. (Qolundan tutub qalxızır.) Get əriyin yanına. Səndən təvəqqe edirəm, daha məni danışdırmayasan və mənim dalımca gəzməyəsən. Mehrixanım. Ay oğul, nə qayırırsan? Adam da anasına belə sözlər deyərmi? Fərhad. Get, ərin səndən cavab gözləyir. (Sağ qapıdan ötürüb qayıdır.) Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim qalar. Bu da ana...Ax! (Iki əli ilə başını tutub yıxılır kürsünün üstünə). Musa (daxil olur). Fərhad! (Gəlir yaxına.) Fərhad, nə olub sənə? Fərhad. M u s a, sənsən? (Əl verir.) Gəl otur görək nə var, nə yox? Musa (əyləşir). Gözlərin niyə qızarıb? Deyəsən ağlayıbsan? Fərhad. Yox, nə olub ağlayam! Ağlamamışam, gözlərim ağrıyır. Onun üçün bir az qızarıb. Musa. Mən uşaq deyiləm. Olan olub, nahaq yerə ağlama. Allah xeyir versin. Bir az keçər, adət elərsən. (Gülür.) Gələn il, Allah qoysa gəlib görərəm, özün kimi də bir göyçək oğlun olub. Səbr etmək yaxşıdır. Mən də dəxi sabah yola düşürəm. Gəldim səninlə xudahafiz eləyim. Fərhad (yerindən sıçrayıb). Musa, gedirsən? Bəs mən, bəs mən? (Ağlayır.) Musa, sən mənə necə deyə biləcəksən ağlama? Mən necə ağlamayım? Sən məni bu qaniçənlərin arasında qoyub hara gedirsən? Bəs bizim arzularımız, adam olub camaata nə növ qulluq etmək tədbirlərimiz? Bunlar hamısı məgər puç oldu? Musa, məni qoyub haraya gedirsən? (Ağlayır.) Musa. Dəli olma, uşaq deyilsən. Mərdanə olginən. Kişi gərək hər müsibətə mərdanəliklə davam eləyə. Sənin tədbirlərin niyə puç olur? Yenə camaat üçün işləyə bilərsən. Yenə mənfəət verə bilərsən, axmaq olma! Fərhad. Hansı elmlə, hansı biliklə işləyəcəyəm? Ac ki, işləmək olmaz! Mən gərək ya Hacı Səmədağanın əlinə baxam, ya gedib polis qulluğuna daxil olam. Bunların hər ikisi də mənə ölümdür! Mən gərək öz zəhmətimlə çörək qazanıb, camaat üçün işləyəm. Mən Hacı Səməd ağa tək camaat qanı sora bilmərəm. Ölümdən savay mənim əlacım yoxdur. Bimənfəət vücudun ölməyi məsləhətdir. Musa. Ölüm söhbəti nədir? Sarsaq fikirləri başından çıxart. Eybi yoxdur, bu il bir tövrlə keçirgilən, Allah qoysa, mən də gəlib kömək edərəm, səni göndərərlər Parisə, Rusiyada oxumaq mümkün olmadı, Firəngistanda olar. Onadək də bəlkə əmin bir tövr yumşaldı. Ancaq sən uşaq olma, bacar öz sözünü yerit. Allah kərimdir! Fərhad. Musa, bu təskinliyi mənə nahaq verirsən. Hacı Səməd ağa bilmirsən nə səbəbə məni Dustaq eləyir. Dərd pul dərdi deyil, onu yumşaltmaq olar, o istəmir ki, mən gedib elm oxuyub gəlim. İstəyir ki, məni həmişəlik özünə tabe eləsin. Məramına da çatıbdır. Mən də ona tabe olmayacağam, özüm bilirəm nə eləyəcəyəm. Musa. Bu işlərin hamısı düzələr. Ancaq yenə deyirəm, özünü mərdanə saxla. Bacar sözünü möhkəm yerit. (Durur ayağa.) Mən də gedirəm, hələ ki, xudahafiz. Axşam üstüdür, dükanlar bağlanar, yoldan ötrü bir az şey-mey alacağam. Hələ ki, xudahafiz! Fərhad (qalxıb Musanın əlindən tutur). İmdi gedirsən, get, Allah yaxşı yol versin! Səndən təvəqqe edirəm, hər vaxt studentlər məclisində oldun, məni yadına salginən. Nə vaxt gedəcəksən? Musa. Sabah sübh saat beşdə. Fərhad. Bəlkə görüşə bilmədik. Səndən bir axır təvəqqem var, ona əməl elə! Musa. Nə işdir. Fərhad. Təvəqqe edirəm, yolda bir gün dayansan. (Cibindən kağızları və əksi çıxarır.) Gedərsən Züleyxa xanımın yanına. Bu mənə yazdığı kağızları da və bu onun əksini də verərsən və deyərsən ki, Fərhad sənin üçün həmişəlik öldü. Mən istəmirəm onun kağızı məndə qalsın. Bəlkə əldən-ələ düşdü. Sən mənim qardaşımsan, bu kağızları sənə verib, səndən təvəqqe edirəm ki, ona yetirəsən və belə deyəsən: Fərhad sənin üçün həmişəlik öldü... Allah onu xoşbəxt eləsin. Musa (şeyləri alıb qoyur cibinə). Baş üstə, verərəm. Hələ ki, xudahafiz. Allah eləsin ki, gələn il gəlim, səni xoşbəxt, məramına çatmış görüm, xudahafiz. (Əl uzadır.) Fərhad (onun boynunu qucaqlayır). Get, qardaş, Allah yaxşı yol versin. (Öpüşürlər.) Musa, sən Allah, məni yaddan çıxartma! Musa. Xatircəm ol. Hər həftə sənə kağızım gələr. Fərhad. Yaz! Yaz! (Musa ilə qapıdan çıxır, sonra qayıdır, kürsü üstə əyləşib dirsəklərini stola dayayıb əlləri başını tutub ağlayır.) Axın, gözlərimin yaşları, seylab eləyin dünyanı. Niyə gərək axmayasınız? Bu halda gərək cəmi dünya mənim üçün gözündən qan töksün. Gərək mənə olan zülmün müqabilində aləm tufana getsin. Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Amma, yox!.. Heç kəsin xəbəri yoxdur. Hər kəs öz karındadır. Ancaq bir tək mən əlləri qoltuğunda qalıb, dərdimə dərman axtarıram. Yoxdur dərman eləyən, yoxdur, yox!.. Gəl ey cümlə dərdlərin dərmanı. (Tapança çıxarır.) Bir sən mənim bu halətimdə mənə yoldaşsan. Cəmi dara düşənlər, dərdlərinə dərman axtaranlar gərək səndən kömək istəyələr. Bir yerdə ki, insan mənim kimi puç olub gedəcək, onun dünyada qalmağı heç məsləhət deyil. Qurtarginən məni sən bu bivəfa dünyanın qilü-qalından. (Özünü vurmaq istəyir.) Hacı Səmədağa (daxil olub Fərhadın əlində tapançanı görüb dəstpaçə). Nə qayırırsan, ay sarsaq?! (Onun üstünə yüyürür.) Nə qayırdığındır?! Fərhad diksinib tapançanı tutur hacıya tərəf. Tanança atılır, hacı yıxılıb ölür.Tapança Fərhadın əlindən düşür yerə. Fərhad. Bu nə iş idi mən gördüm? Pərvərdigara, sən şahid olginən ki, mənim bu kişini öldürmək xahişim yox idi. Mən özümü istəyirdim öldürmək. Bu da məni gülləmə düçar oldu. Camaat dolur otağa. Mirzə Qoşunəli.. Bu nə güllə səsi idi? Birinciadam (hacının meyitini görüb). Ba, sənin evin yıxılsın! Bu kişinin taqsırı nə idi ki, öldürdün? İkinciadam. Necə? Kim ölüb? Mirzə Qoşunəli.. Görmürsən, Hacı ağa ölüb. Üçüncü adam. Bah, bah, bah!.. Nə yaman iş olub! A pir olasan, bu kişinin taqsırı nə idi ki, öldürdün? Özünü də bəlaya saldın! Çingiz (daxil olur). Kİmdi mənim dədəmi öldürən? Bu saat gərək onun qarnının cıram! (Onu tuturlar.) Buraxın görüm, nə haqla bu mənim atamı öldürüb? Fərhad (gəlir tapançanı götürür, camaatdan bir nəfəri istəyir tapançanı onun əlindən alsın.) Yaxına gəlmə, əgər mənim kimi canından əl çəkibsənsə... (Çingiz bəyə tərəf.) Əmioğlu! Sən heç qəzəblən- Özünü itirmək mə. Mən sənin atanı, Allah şahiddir ki, öldürmək istəmirdim. Güllə bir ayrı yerə təyin olmuş idi, amma öz yerini dəyişdi. Zəhmət çəkmə! Mən özüm-özümdən sənin atanın qanının alaram. (Tapançanı özünə atır, camaat onu tutur. Fərhad dizi üstə çökür.) Mehrixanım. Bu nə güllə səsi idi? (Fərhadı görür.) Ay bala! Nə olub sənə, oy! (Özünü yıxır oğlunun üstə.) Fərhad (onu kənar edib, əmisinin meytini göstərir). Get ağlamalıya ağla! Mən pis vurmuşam, özümü vurmaq istəyirdim, amma... Mehri xanım oğlu ilə ərinin arasında naçar qalıb, bilmir hansı tərəf getsin. Axırda dizi üstə çöküb ucadan ağlayır. Pərdə * * * Beşinci məclis Vaqe olur Dustaqxananın mərizxanasında. İki taxt qoyulub, birinin üstündə Fərhad, o birinin üstündə bir ayrı Dustaq. Fərhad (başını qalxızır). Bəli, müqəssirəm. Adam öldürmüşəm. Bu da mənim axır günüm. Necə yerləri arzu eləyirdim, haraya gəldim düşdüm? Qazamat küncünə. Allah bilən məsləhət imiş. Görəsən nə gündə, nə saatda mən bədbəxt dünyaya gəlmişəm? Kaş mənim atam mən dünyaya gələndən bir il qabaq öləydi. Bəlkə mən dünyaya gəlməyəydim. Dustaq. Bəy, çox ah-zar eləyirsən, yaxşı deyil, naxoş adamsan, ürəyini qısma, sənə ziyandır. (Kürsünü götürüb gəlib oturur Fərhadın yanında.) Fərhad. Niyə ziyandır? Yəni azar məni öldürər? Mən çox yaxşı bilirəm ki, mənim işim qurtarıb gedib. Öləndə də ölərəm. Mən ölməyi gecə-gündüz arzu edirəm. Dusta q. Yox, bəy, sənin yaran artıq yara deyil. İnşallah, sağalarsan.Ancaq ah-zar azarı uzadar. Fərhad. Nə deyim. Mənim sair yaralarımdan xəbərin yoxdur. Bir mənə de görüm sən ölü kimə deyirsən? Məgər ölü o şəxsdir ki, uzanıb ruhu bədənindən çıxır, aparırlar dəfn edirlər? Məgər sən o adamları görmürsən ki, bazarda, küçədə gəzirlər? Onlar çoxdan dəfn olunublar. Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola. Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan ölü o adamdır ki, həmişə düz-düz gəzib, nə millətə nəfi var, nə camaata! Heç kəs ondan zərrəcə xeyir görmür. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər, düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar. Belə şəxslərə ölü demək olmaz! Dustaq. Bəy, doğru deyirsən, sözlərin də ağlıma batır. Amma sən nahaq yerə özünü bizim kimi adamlara bərabər qoyursan. Aləm bilir ki, sən adam öldürən deyilsən və bu iş də qəfildən olub. Bu işdən sənə heç bir zad olmayacaq. Yaranız da sağalar, özün də Dustaqxanadan çıxarsan. Allaha şükür, elmin də var. Bizim kimi qaranlıqda qalanlara yol göstərərsən. Xanım, buyur! Mehrixanım daxil olur. Fərhad. Kİmdir gələn? Dustaq. Anandır, gəlib. Fərhad. Gəlsin irəli. Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur. Habelə əlini ver əlimə... Ana, səndə heç taqsır yoxdur. Allah səni yoldan çıxardanlara lənət eləsin! Ana, gərək sən də mənim kimi oğlu görə-görə xalq sözünə qulaq asmaya idin. Mehrixanım. Qurbanın olum, mənim ürəyimdəki mənə bəsdir. Bircə de görüm ürəyinin ağrısı necədir? Kəsilibdirmi?.. Fərhad. Çox yaxşıdır, ana. İndi bir saatdan sonra cəmi ağrılarım kəsiləcək. (Başını qoyur yerə.) Mehrixanım. İmdicə Dərgahqulu bəyin yanından gəlirəm. Deyir ki, silistçi ilə də, prokurorla da görüşmüşəm. İşin də, inşallah, yaxşı olacaq. Ancaq deyir, gərək beş yüz manat verəsən, lazım olan yerinə verəm. İndi mən də istəyirəm sabah aparım verim. Deyəsən yuxun gəlir, yatacaqsan, yat. Fərhad. Heç halım özümdə deyil, istəyirəm bir az dincəlim. Mehrixanım durur, kürsünün üstə əyləşir. Dustaq. Xanım, başına dönüm, sən belə işlərə düşməyibsən, amma mənim üçün bu Dustaqxana evim kimi olub. Dərgahqulu bəyi də çox yaxşı tanıyıram. Sən pulunu ona vermə. Vallah, pulunu da yeyəcək, iş də görməyəcək. Mehrixanım. Niyə? O deyir ki, silistçi ilə, prokurorla, hamısı ilə dostam. Hər cürə təvəqqe eləsəm, elə də olacaq. Dustaq. İninma, başına dönüm, heç inanma. Vallah, nə silistçi, nə prokuror rüşvət almaz. Heç kəsin təvəqqenə görə haqqı nahaq, nahaqqı haqq eləməzlər. Amma Dərgahqulu bəy bunu özünə çörək pulu qayırıb. Belə adamlarla dostluq eləyir, gedir evlərinə, öz evlərinə qonaq çağırır. Xalqın da ağlı gözündədir. Elə bilirlər ki, bu hər nə istəsə elər, gedib özlərini salırlar onun çənginə. Evi yıxılmış Dərgahqulu bəy divan qulluqçularının adına belə pulları alıb yeyir, iş də öz qərarı ilə gedir. Adına aldanıb ona pul vermə. Pulun gedər. Mənim özümün də bir yüz manatımı alıb içəri saldı, dedi, səni zaminə verdirəcəyəm. Verdirə bilmədi. Özüm də budur ki görürsən, Dustaqxanadayam. Sonra qardaşım getdi pulları geri istədi, onu da nökərlərinə döydürüb qovdu. Aman günüdür, ondan uzaq qaç, uzaq, uzaq. Mehrixanım. Bəs mən necə eləyim? Dustaq. Xatircəm ol, otur evinin içində. Allah qoysa oğluna heç zad olmaz. Mən hərçənd bir avam adamam, amma yaxşı bilirəm, oğluna əgər bircə gün də tənbeh kəsilsə, mən əlimi kəsərəm. Mehrixanım. Nə deyim, Allah ağzından eşitsin. Gün düşür, Fərhad bəy başını qovzayır. Fərhad. Qardaş. Dustaq. Bəli? Fərhad. Deyəsən otağa gün düşüb? Dustaq. Bəli, düşüb. Fərhad. İmdi cəmi dünyanı gün rövşən eləyibdirmi? Dustaq. Əlbəttə. Fərhad. Bəs niyə bu gün insanın qara qəlbinə düşüb işıqlandırmır? Niyə gərək əba-qəba altında gizlənən, məkr və hiylə ilə dolu qəlblərə düşmür ki, camaat görüb onların zahirlərinə adlanmayalar. Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızıl güldür, amma batinində onun tikanlarıdırlar. Bu yerlərə gərək gün düşə ki, qoyun qurdla otlaya, insan rahat baş saxlaya. Bir de görüm niyə düşmür? Sən Allah de, ürəyim dağıldı. Cavab ver, ox, çatladım!.. Mehrixanım. Qurbanım olum, nə qayırırsan? Fərhad. Bircə özünü mənə yetir, ölürəm... Ürəyim dağılır... Ox... ox... ox (Taxtdan düşür yerə.) Ay, ürəyim dağıldı. Bircə başımı tut!.. Dustaq durub qolundan yapışır, Mehrixanım Fərhadın başını alır dizinin üstə. Fərhad. Ölürəm, ana sinəm sızıldayır, ürəyim sancır... Ay öldüm... Bircə əlini ürəyimə qoy. Allah! Şahid ol!.. Pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə!.. (Ölür.) Mehrixanım (qışqırır). Oy!.. Oy!.. Oy!.. Ay Allahı sevən, balam öldü!.. * * * == Pəri cadu == Pəri cadu Beş məclisdə altı pərdədə Əfradi-məclis Pəricadu İblis Şamamacadu – küpəgirən qarı, bir gözü kor Təlxəkəcinnə Birinciəcinnə İkinciəcinnə Dərviş Hafizəxanım – dövlətli, gözəl övrət Əmrah – Hafizə xanımın nökəri Rəhim – qoca kişi, Hafizə xanımın darğası Sayad – Hafizə xanımın qulluqçusu Qurban – odunçu, bir gözəl oğlan Səlimə – Qurbanın övrəti Niyaz – Qurbanın yoldaşı Çoban Birincipərdədəiştirakedənəşxas Pərixanım İblis Dərviş Şamamacaduvəəcinnələr Müqəddimə (apofyoza) Vaqe olur Pəri xanımın evinin qabağında. Bağça, bağçanın ortasında bir hovuz. Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Pəri xanım hovuzun kənarında əyləşib ağlayır. Dərviş (daxil olur). Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən. Nədir aya bunun səbəbi? Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Nədəndir bu ev indi xərabəyə bənzəyir, ondan gecə-gündüz ahünalə səsi asimanə çıxır? Dərdini mənə söylə, qızım. Mən dünya görmüş bir şəxsəm, bəlkə sənin dərdinə bir əlac tapam. Pərixanım. Baba Dərviş, mənim dərdimin dərmanı elə bu tökdüyüm göz yaşıdır. Yanğının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğısını da ancaq göz yaşı sakit edə bilər. Dərviş. Ürək dərdinin bir əlacı da var, qızım. O da dərdi özgəyə söyləmək və özgəni dərdə şərik eləməkdir. Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır. Pərixanım. Baba Dərviş, dərd söyləməyə ana gərək, anam üç ildir ki, ölüb, bacı gərək, bacım yoxdur. Bir qardaşım var, səkkiz ildir gedib, bir xəbər yoxdur. Bir atam var, əlil. Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Dərviş. Əgər yoldaş yox isə, get çay kənarına, axan sulara dərdini söylə. Dərya kənarında əyləş, dağlar tək gəlib kənara toxunan mövclərə dərdini söylə, onlar da qayıdıb, cəmi dəryanı sənin dərdinə şərik etsinlər. Dərdini dağlara, meşələrə söylə. Leyli gecələr sübhədək yatmayıb dərdini aya, ulduzlara söyləyib, təsəlli tapırdı. Məcnun da yağış qətrələrindən Leylinin məzarındakı qarışqalara sifariş edirdi ki, onun yarının bədənini qəbrdə rahat qoysunlar. Onunla təsəlli tapırdı. Inanginən, qızım, mən dünya görmüş Dərvi şəm. Söylə dərdini mənə, qızım! Pərixanım. Qulaq ver, baba Dərviş, dərdimi söyləyim: beş ildir ki, mən bu evdə övrətəm. Doğrudur, dövlətimiz, malımız olmayıb, amma bir parça əl zəhməti ilə qazanılmış çörəyimiz olub. Bu beş ilin müddətində bir qara bulud bizim başımızın üstündən adlamayıb. Zəhmətlə qazandığımızı şad könüllə, güllər üzlə yemişik. Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Bir dövlətli övrət üçün mən iş görürdüm. Ona görə mənim ərim tez-tez oraya gedib-gəlirdi. Bir il bundan qabaq o övrətin əri ölüb. Belə məlum olur ki, o övrətin keçmişdə mənim ərimdə gözü varmış. İndi bir-iki aydır mənim ərimi salıb evinə, kənara buraxmır. Ərim isə uyub qalıb orada. Mən də gecə sübhədək ağlayıb, gündüzlər də bu əlimlə bəslədiyim bağçada əllərimlə əkdiyim gül ağacları ilə söhbət edib, bir növ günümü axşam edirdim. Övlad yox, uşaq yox, məhəbbətimi bu güllərə, çiçəklərə salmışdım; İndi bunu da mənim əlimdən alıb, məni qovurlar. Evimdən ayrıla bilmirəm, baba Dərviş. Odur ki, gecələr naləm tamam xalqa rahatlıq vermir. Odur ki... (Ucadan hönkürüb ağlayır. Dərviş Pərinin qolundan tutub qalxızır). Dərviş. Aram ol, qızım, aram ol!.. Dərdin məlum oldu. Səbəb nədir ki, gündüzlər güllər, çiçəklərlə məşğul olub, gecələr tək qalanda özünə məşğuliyyət tapmırsan? Bilmirsən ki, tək qalanların pənahı Allahdır? Qovurlar səni, get. Gündüzlər qoca atana məşğul ol, gecələr Allaha raz-niyaz et, ta sənə səbr versin. Pərixanım. Bəs məgər heç mən, mənim ürəyimi sındırıb, mənə zülm edən namərddən qisas almayım? Məni oda yandıranın oda yandığını görməyim? Qisas almayınca rahat ola bilməyəcəyəm, baba Dərviş. Dərviş. Belə sözləri fikrinə gətirmə, qızım. Bilginən, cəmi məzlumların tərəfdarı Allahdır. Hər bir dünyada zülm edən əcrini Allahdan alır. Qisas bir şərr əməldir. Zülm, həmçinin şərr əməldir. Zülm edən dünyada bir şərr törədir, ondan qisas alan da bir şərr törədib, dünyada iki şərrin törəməyinə səbəb olur. Sən şərrin müqabilində səbr et, ta şərr tək qalsın. Bu fikri başından çıxart, qızım, get atana himayə olginən və zalımı da Allah divanına tapşır. Mən də, düşəndə, bir gəlim sizin yanınıza, sizə keçmiş macəralardan, zalimin zülmündən, məzlumların zülmə təhəmmül edib, axırda təsəlli tapmaqlarından nağıl edərəm. Eşit nəsihətimi, qızım, qayıt atan evinə. Pərixanım. Güllərimdən, bağçamdan ayrıla bilmərəm, baba Dərviş!.. Dərviş. Güllər solar, bağça məhv olar. Hərgah ürəyini güldən üzüb Allaha bağlarsan, əbədi bir gülüstana müvəffəq olarsan. Fikir et qızım. Səbr et, səbr et, səbr səbr, səbr... (Gedir.) Pərixanım bir neçə qədəm Dərvişin dalınca gedib qayıdır, daş üstə əyləşir. İki əli ilə üzünü tutur. Bir qədər fikirdən sonra hövlnak qalxır. Pərixanım. Yox, qisas gərək! Zülm asimanə bülənd olan yerdə səbr etmək olmaz. Gərək cəmi yerlərin, göylərin bəlalərini köməyə çağıram. İstəmirəm axirətin behiştini. Cəhənnəmin şəyatinini köməyə çağırıb, onlar ilə əl-ələ verib, gərək nəinki öz ərimdən, bəlkə cəmi bivəfa kişi tayfasından qisas alam. Yetişin harayıma, ey göylərin huriləri, od salın bu bivəfa dünyaya! Yetişin harayıma, ey Iblis qoşunu, qisas yolunda mənə imdad edin! Hava qaralır ildırım şığıyır, göy peydərpey guruldayır. İblis, Şamama cadu, yeddi nəfər əcinnə daxil olur. İblis. Ha, ha, ha!.. Ha, ha, ha!.. Yenə qulağıma qisas sədası gəlir. Hazıram cəmi qoşunumla cəmi kainatı təzəlzülə gətirən bir nütdədən əmələ gəlmiş bəni insanı neçə yüz firqəyə bölüb və onların arasında ila inqirazialəm cəngü-cidal salam. Qardaşı qardaş, atanı oğul, oğlu ata üzünə durquzam. Cəmi halalları haram, haramları halal edən öz fitnələrimlə qisas arzusunda olanlara kömək etməyə hazıram. Mən, oddan yaranmış bir vücud, yüz min il Allaha ibadət etdim. Axırda məni torpaqdan yaranmış bir insana səcdə etməyə məcbur etdilər, qəbul etmədim. Məni dərgahdan mərdud etdilər. Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Hirs, tamah, övrət gözəlliyi, dünya malı tək mənim əlimdə aləti-cazibə var ki, onların müqabilində dağlar, daşlar belə dayanmaz. (Pəri xanımı tutub çəkir səhnənin ortasına.) Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri cadudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Hər nə ki sənin xahişindir, fövrən əməl etməyə hazırdırlar. Bu qoca qarı Şamama cadunu da sənə qulluqçu verirəm. Dünyanı gəzib, harada mehriban ər-övrət var arasına dava salıb, kişilərinə qan uddurub, sənin yanına gətirsin, ta sən qisas alasan. O qədər kişilərdən qisas alacaqsan, ta bir nəfəri sevincə. Ondan sonra qan içmək qurtaracaq və ömrünün axırınadək istirahət edəcəksən. Bu şərtlə ki, qarını özündən incitməyəsən. Bu axırıncı şərti yadında saxla. Aparın, aparın bu insan qızının dağlar arasında təzə hazırlanmış mənzilə. Əcinnələr baş əyib, Pəri xanımı alırlar ortaya, başına dolanırlar. Pərixanım. Gedək, hazıram qisas almağa. Hamısı yox olur, İblisdən başqa İblis. Ha, ha, ha!.. Hazıram cəmi qisas arzunda olanlara qisasetməyə... Yerdən od çıxır, İblis qəhqəhə ilə odun içinə daxil olur. Pərdə * * * Əvvəlinci məclis Vaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır. Birinciəcinnə. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim. İkinciəcinnə (yaxın gəlir). De görüm. Birinciəcinnə. Biri var idi, biri yox idi, bir hörümçək var idi, bir divarda tor qurmuşdu. Gündə neçə milçək tutub yeyirdi. Bir gün bir milçəyə düçar oldu, milçək onu tutub yedi. O, yerə keçdi, sən də dörə keç. İkinciəcinnə. Elə bu? Birinciəcinnə. Elə bu. İkinciəcinnə. Quyruğunu it yesin, yaxşı nağıl dedin. Belə də nağıl olarmı? Birinciəcinnə. Əgər olmaz, bəs niyə biz burada növbəyə düzülüb, gündə ikimiz bəniinsan üçün odun yığırıq? İkinciəcinnə. Hə, İndi başa düşdüm, doğrudan da, deyirsən, sən çox ağıllı əcinnəsən. Odur ki, sənin quyruğun da, buynuzun da bizimkindən uzundur. Birinciəcinnə. Amma sənin qulağın çox uzundur. Zarafat dursun kənara, balam, biz nə günahın sahibiyik ki, bir belə zəhməti burada çəkirik? Budur, alnımdan tər axır. (Alnının tərini silir). İkinciəcinnə. Xanım buyurub. Birinciəcinnə. Mən də bilirəm xanım buyurub. Xanım niyə buyurub? İkinciəcinnə. İmdi demədinmi ki, milçək gəldi hörümçəyi yedi? Birinciəcinnə. Odur ha. İndi görürəm başa düşübsən. Neçə belə adamları tora salıb tələf eləyib, amma bunu, nə isə, gözü tutubdur.İndiyədək bura əcinnə göndərəndə heç bir söz demirdi, ancaq buyururdu: “Gedin filan yerə odun yığın, qoyun, qayıdın”. Amma bu dəfə bizi göndərəndə buyurdu: “Gedin filan yerə qurban üçün odun yığın, ona qurban olum”. İkinciəcinnə. Yəni “ona qurban oldum” sözünü eşitdin? Birinciəcinnə. Əzrayılın tacına and olsun, doğru deyirəm. Amma üzünü kənara tutub dedi. Belə dedi: “Ona qurban olum”. İkinciəcinnə. Bəli, onda gön suya verildi, qurtardı. Milçək hörümçəyi yedi. Amma, balam, dayanmaq vaxtı deyil. Tez ol, odunu bağlayaq, gedək. Xanımın gəlmək vaxtı yaxınlaşır. Birinciəcinnə. Bu saat! Hər ikisi köməkləşib odunu bağlayırlar. Pəri cadu daxil olur. Pəricadu. Odun yığdınız? Əcinnələr. Bəli, yığdıq. Pəricadu. Di mürəxxəssiniz, gedə bilərsiniz...Yox, yox, (birinci əcinnəyə) sən burada qal, işim var. (İkinci əcinnəyə) Sən get. İkinci əcinnə baş əyib gedir. Pəricadu. Bu dəqiqə gərək Şamama cadu qarı məğriblə məşriqin arasında, hansı yerdə olsa burada olsun, eşitdinmi? Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Get! Birinciəcinnə. Bəlkə ondan da tez gəldi. Sənin hökmün hər nə məzmunda olsa, bizim borcumuzdur itaət eləyək. Gedim. Pəricadu. Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən. Birinciəcinnə. Baş üstə, xanım. Pəricadu. Get. (Əcinnə gedir.) Yox, daha tab gətirə bilmədim. Gərək Qurbanı gətirdim. (Qurban və Niyaz gendən görünürlər.) Budu, gəlir. Ilahi, nə qəşəngdir! Ilahi, nə gözəldir! Bilmirəm bu daş tək ürəyimə nə olub? Hər gün deyəsən məni cəbrən gətirirlər buraya. Hər dəfə Qurbanın gözlərinə tamaşa etdikcə, az qalır ruhum bədənimdən çıxsın. Daş olmuş ürəyim, mürüvvətdən, insafdan uzaq ürəyim şam kimi əriyir. Ah, ay Qurban... Nə deyim, bircə səni bağrıma bassaydım, ondan sonra ölsəydim qəmim olmazdı. Qurbanla Niyaz, əllərində balta və kəndir daxil olurlar. Pəri cadu gizlənir bir ağacın dalında. Qurban. Budur, yenə bir şələ hazır odun tapdım. Lap məəttəl qalmalıdır! Niyaz. Kefinin gəlhagəlidir, a bəxtəvər. Qurban. Budu... Ayaqlarım düşdü, a kişi, belə gün olar? Belə dirilik olar? Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Nədinədi, mən zindəganlıq edirəm. Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. İndi nə olardı, mənim də bir yüz manat pulum olaydı, bir danə də gözəl arvadım. Qapımda nökərlər səf çəkib duraydılar, adım da olaydı Qurban bəy. Mən kimdən əskiyəm? Bu mənim qəddüqamətim (özünü çəkir.), bu mənim göz-qaşım. Vallah, mən dövlətli adamların heç birisindən əskik deyiləm. Amma nə çarə qılım ki, qəza məni eyləyib əfsürdə, adım da odunçu Qurban. Dünən görürəm Hacı Cəlal pul sayır, pulu sandığından koma-koma çıxarıb yığır qabağına. Özünü də yeddi qəpiklik çolpa kimi çəkir. Qınayan olmasa, deyər dünyanı da mən yaratmışam. Amma gəl bir sir-sifətinə bax. Gözləri kalmık gözlərinə oxşayır, burnu iki qarış, ağzını saqqal, bığ örtüb, elə bil heç yerindən yoxdur. Əgər onun pulu olmasa, vallah, onu heç kəs qapısında nökər də saxlamaz. Nə deyim, haqqın kərəminə şükür. Niyaz. İndi sən, Qurban, gözəlliyi, dövləti, bəyliyi xoşbəxtlik hesab edirsən? Yox, belə deyil. Axırı olmayan zada xoşbəxtlik deməzlər. O ki, gözəllikdi, axırı yoxdur. Dövlət deyəndə, milçək misalı bir şeydir. Bu adamın başından uçub, o adamın başına qonur, yenə axırı yoxdur. Pulsuz da yenə quru bəylik bir qara pula dəyməz. Kişinin dövləti qolunun qüvvətidir. O da ki səndə var. Əlavə, adamlar var dövləti həddindən aşıb, amma arvadı bir ifritədir ki, əlindən bezikib, az qalır zəhər yesin. Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Elə sən evə gələndə onun qalxıb sənin başının altına bir yastıq xoş sifətlə qoyması yüz min tümənə dəyər. Bir də, qardaş, hər adam xoşbəxtliyi bir cür başa düşür. Kasıb dövlətlənəndə özünə xoşbəxt deyir. Acın qarnı doyanda, deyir xoşbəxtəm. Dilənçinin əlinə bu gün dünənkindən bir abbası artıq keçəndə, deyir xoşbəxtəm. Qız gözü tutan oğlana gedəndə, ya oğlan gözü tutan qızı alanda özlərinə xoşbəxt deyirlər. Sən də ki, odunçusan, hər gün gəlib burada bir şələ odun tapırsan, deyirsən bəxtim gəlib. Qurban (özünü yıxır odunun üstünə). Ah, ah!.. Bunlar hamısı keçəndən sonra, Allahın altında bir gözəl arvadım olaydı... Səlimə yaxşı arvaddır. Amma nə fayda, ağzı, burnu bir az o söz... Eh, mənim kimi çulu cırığın elə arvadı gərək olsun. Allah Hacı Cəlalın pulunu verəydi mənə, görərdin lələşin nə lələşdir. (Papağını əyir, oxuyur): Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Pəricadu (kənarda oxuyur): Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Qurban (ətrafa baxır). Bir gözəl səs gəldi qulağıma. Deyəsən mən oxuduğum sözləri oxuyur. Eşitdinmi? Niyaz. Mən heç zad eşitmədim. Balam, özünü gözlə birdən dəlizad olarsan. Pəricadu (kənarda oxuyur): Saxlardı əvəz, billah, öz Yusifinə Yəqub, Kənanda gər olsaydın ey şux-dilara sən, ey şux-dilara sən. Qurban. N i y a z, mən ölüm, bircə qulaq ver... Oxay, az qalır adamın canını alsın. Qoy görüm o kİmdir. Belə insan səsi olmaz. (Yüyürür dala.) Niyaz. A kişi, sarsaq olma, gəl odununu şələlə dalına, itil cəhənnəmə. Oxuyub eləyən nə qayırır. Qurban (qayıdır.) Doğrusun de, mən ölüm, eşitmədinmi? Niyaz. Vallah, heç zad eşitmədim. Görəsən nə işdi, ya ağlın çaşıb, ya günün günorta çağı vaqiə görürsən. Əgər bir zad olsaydı, mənim qulağım darı dəlir, mən səndən tez eşidərdim. Qurban. Nə deyim? Bəlkə, sən demiş, mənim ağlım çaşıb. Amma vallahı bir elə səs gəldi qulağıma ki, anadan olandan elə gözəl səs eşitməmişdim. Yəqin, hər nə isə də, insan səsi deyil. Niyaz. Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstahlar çıxacaq... Mən də adlayım meşənin qalın yerindən bir az odun eləyim gəlim. Mən də sənin kimi xoşbəxt deyiləm, gəlib hazır üstünə çıxam. Sənin bacandan quyruq yağır. Qurban (odunu bağlayır). Di gəl şələyə yapış, qoy dalıma. Niyaz şələyə yapışıb, qoyur Qurbanın dalına. Qurban. Ya Allah. Niyaz. Di get, Allah bazar versin. Qurban (gedə-gedə). Biazar olasan, Allah atana rəhmət eləsin. Niyaz, axşam bizə gəl, səni bir yaxşı kələm dolmasına qonaq eləyim. Niyaz. Yaxşı, gələrəm. (Qurban gedir, Niyaz onun dalınca baxır). Ay heç zaddan gözü doymayan insan. Dünyanı yeyib “doymadım” deyə-deyə ölən insan. Ah... biz də baltamızı götürüb adlayaq meşəyə, görək bəxtimizə nə çıxır. (Gedir.) Şamamacadu (daxil olur). Ay xanım, nə vacib olmuşdu ki, məni bu tezliklə istədin? Başım bərk qarışmışdı. Qaranquş gəldi, xəbər gətirdi. Amma mən hərçənd ala qarğaya döndüm, amma ondan cəld uçub gəlmişəm. Pəricadu. Başın nəyə qarışmışdı? Şamamacadu. Sənin üçün şikar tapmışdım. Yaxşı iş başlamışdım, qaranquş gəldi qoymadı. Pəricadu. Şamama qarı, bu gündən mən adam öldürməyi qoydum yerə. Bircə şikar mənə lazımdır. Gərək onu mənə gətirəsən. Ondan sonra hər nə xahiş etsən hazıram. Şamamacadu. Xanım, yoxsa Iblis buyuran kimi ürəyin bir adama yapışıb? Pəricadu. Bəli, ürəyimə bir ox dəyib o tərəfindən çıxıb. Mənə əlac. Şamamacadu. Bilirəm, Qurbanı deyirsən. Pəricadu. Bəli, özüdür. Bilmirəm necə eləyim? Ciyərim parçalanıbdır. Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şey imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi donur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su olur, gah qan... Şamama, mən daha məhəbbət oduna davam elə bilmirəm, Qurbanı gətirmək fikrinə düşmüşəm. Gərək onu, hər tövr olsa, tezliklə mənə yetirəsən. Şamamacadu. Belə mənim bu tay gözüm üstə. Bu gündən düşərəm onun dalına. Az zaman keçər ki, qulluğunda hazır olar. Bu saat yenə ala qarğa olub, yola düşərəm. Amma Qurbanı gətirəndən sonra gərək mənə də izn verəsən, gedim bir belə gözəl oğlan da özümə gətirim. Pəricadu. Ay qarı, gözəl sənin əyri belinəmi yaraşır? Ağ birçəyinəmi yaraşır? Şamamacadu. Niyə, xanım, ağ at arpa yeməz? Pəricadu. Baş üstə, asandır, get. Amma bax, Şamama, sair adamlara ağlın getməsin. Bu Qurban dır, gərək onu əziyyətsiz gətirəsən. Qan eləməyəsən. Şamamacadu. Mən öz işimi bilirəm, gedim. (Gedir.) Pəricadu (tək). Şamama getdi, İndi gələrsən Qurban mənim yanıma, görərsən mən sənə nə pəri olaram. Cəmi dünyanın qeydini yadından çıxardarsan. Belə bu zəif canımı sənin ayağının altında nisar edəcəyəm. (Oxuyur.) Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Pərdə * * * İkinci məclis Vaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə xanımın qabağında. Hafizəxanım. R ə h i m kişi, hesabın hamısını gətiribsənmi? Rəhim (əlini cibinə salır). Bəli, sifariş eləmişdin ki, hər nə mədaxil olsa satım, pulunu gətirim. Mən də satdım. (Pulu çıxarır.) Hafizəxanım. Bura ver görüm, nə gətiribsən? Rəhim (pulu verir). Buyur, xanım, cəmi bu olubdur. Hafizəxanım (pulu alıb sayıb, tullayır). Bu nə puldur?! Utanmırsan, altı yüz əlli manat, saqqalını yırğalaya-yırğalaya götürüb oradan bura gəlibsən? Məgər mənim mədaxilim budur? Sən də ağsaqqal çağında kələk öyrənirsən? Rəhim. Xanım, Qurban olum, vallah, məzənnədən də də çuvalını bir abbası artığa satmışam. Özünə məlumdur ki, il pis gəldi, məhsulumuz əməlli olmadı. Hafizəxanım. Qınayan olmasa deyərsən ki, hər şey kökündən quruyub. Bildir də il pis gəlməmişdimi? Niyə min yüz manat oldu? Bu il altı yüz əlli manat çıxdı? Rəhim. Ay xanım, vallah, taxılımızı bu il çəyirtkə kökündən yedi. Elə az-çox darı olmuşdu ki, onu da satıb gətirmişəm. Hafizəxanım. Yalan demə, mən hamısını bilirəm. Çəyirtkə qonşu kəndlərindəkini yeyib. Sarıbəyliyin də bir azca böyründən dalayıb, daha sən deyən kimi kökündən aparmayıb. Rəhim. Başına dönüm, deyilən sözlərə niyə inanırsan? Beş-on gündən sonra özün Sarıbəyliyə buyurmayacaqsanmı? And olsun bəyin əziz goruna, çəyirtkə buğdadan bir sünbül də qoymayıb. Hafizəxanım. Daha yaxşı, az danış, kəndi basıb yediyin bəs deyil, bir and da iç. Çəkil gözümün qabağından, qoca kaftar! Rəhim. Başına dönüm, mənim saqqalım bu qapıda ağarıb. Mən neçə il bəyin atasına, sonra özünə qulluq eləmişəm. Budur, iyirmi bir ildir mən darğayam. Heç İndiyə kimi bir buğdaya xəyanət eləməmişəm. Sən məni niyə bədbəxt eləyirsən! Bəy mənə hər il bir dəst paltar alardı. Mən onu da istəmirəm. Ancaq ömrümün axır çağında sən mənə eşitmədiyim sözlər demə. Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Həmişə gələndə qulluğunda oturdardı məni. Hafizəxanım. Daha az söylə, baş-beynimi aparma. Bəyin atasından mülk qalmamışdı. Az-çoxuna da baxmırdı. Elə bilirdi səndən doğru-dürüst adam yoxdur. Amma mənim arvadlığıma baxma. Mənim gözüm çox kişilərin gözündən açıqdır. Məni belə qarğa dili ilə tovlaya bilməzsən. Bəyin atası mənim atamın mülkünün bəyi deyildimi? Rəhim. Xanım, vallah, mən sənə heç pis qulluq eləməmişəm. Axır məni bu ağsaqqal vaxtımda qapıdan niyə qovursan? Hafizəxanım. Di yaxşı, çıx çölə. Mən uşaq deyiləm. Sən məni ələ salırsan. Nə durubsan? İtil buradan, qoca köpək! Rəhim. Xanım. Hafizəxanım. Çor xanım, zəhrimar xanım, itil çölə. (Rəhim gedir.) Sən bir qoca tülküyə bax. Bəyin sağlığında əlindən gələni eləyib, İndi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Elə bilirsən səndən bununla əl çəkəcəyəm? Qoy bir kəndə gəlim, vallah, yediyini burnunun iki deşiyindən tökəcəyəm. Hə, bəs dadanmışdın dolmaya? Səni qudurdan ölüb getdi. Amma mənə Hafizə deyərlər. Mənim bir sapım itsə, aləmi kor qoyaram. (Pulu yığışdırır.) Gətirdiyi pula bax. Görək, ay qoca qurd! Gələrəm kəndə sənin canın üçün. (İstəyir getsin.) Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi!.. Hafizəxanım. Bu kİmdir yenə? (Gedir qapıya.) Nə deyirsən, ay qarı? Şamamacadu. Q u r b a n ın olum, ay xanım. Allah heç kəsi zəlil eləməsin, uşaqlar, tökülüb dalımca, məni daşlaya-daşlaya gətirib buraya salıblar. Başına dönüm, yorulmuşam, acam, bircə əl böyüklüyü mənə çörək ver, yeyim. Hafizəxanım. Haralısan, nəçisən? Şamamacadu. Ay gözəl xanım, ay kişmiş xanım, ay maral xanım! Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Bircə tikə çörəkdən, qənddən, çaydan ver. Belə bu qoca canım sənə Qurban olsun. Hafizəxanım (öz-özünə). Danışığından qaraçıya oxşayır. (Qarıya) Ay nənə, fala baxmaq bilirsənmi? Şamamacadu. Niyə bilmirəm, başına dönüm, nazlı xanım, mələk xanım, ballı xanım, bilirəm, yaxşı bilirəm. Hafizəxanım. Di gəl içəri görüm. Şamamacadu (daxil olur, oturur yerə). Ay, öldüm, sümüklərim sınır. Başına dönüm, ay xanım, ürəyim yanır, Allah sənin ürəyini yandırmasın. Deginən bircə içim su versinlər. Hafizəxanım. Su odur yanında, götür iç. (Kənara) Hələ bizə buyruq da verəcək, elə bu qalmışdı. Şamama cadu suyu ağzına alıb Hafizənin üstünə üfürür. Hafizəxanım. Di falıma bax görüm. Şamamacadu. Ölümüm qabağında olsun. Əlini mənə ver görüm. (Hafizə xanım əlini verir.) Adın nədir, başına dönüm? Hafizəxanım. Mənim adım Hafizə xanımdır. Şamamacadu. Bəli, eşitdim, gözəl xanım, gözəl addır. Adına Qurban olum, xanım! Başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. On bir aydır sənin ərin ölüb. Hafizəxanım (kənara). Bunu haradan bildi? Şamamacadu. Yazıq, ikicə il arvadlıq eləyibsən. Dünyadan kam almayıbsan. Bəxtində də bir gözəl oğlan var, sevəcəksən, gedəcəksən. Hafizəxanım. Bunu yalan dedin. Mən daha ərə getmərəm. Şamamacadu. Niyə getmirsən, gözəl xanım? Ərin çirkin imiş, dünyanın ləzzətini görməyibsən. Bir gözəl-göyçək oğlana get. O sənin nazınla oynasın, sən də onun... Gəlsənə, xanım, bir gözəl oğlan var, səni ərə verim? Hafizəxanım. Bəydirmi? Şamamacadu. Yox, bəy deyil, gözlərinə Qurban olum, bəy deyil. Hafizəxanım. Bəy deyilsə, istəmirəm. Şamamacadu. Gözəl xanım, neyləyirsən bəyi, bəy olacaq sənin yoldaşın, nə desən bir sözünə iki cavab verəcək. Mülkünü aparıb qumara uduzub, çaxıra verəcək, özünə aşna tutacaq. Amma sən eləsinə get ki, həm sənə ər olsun, həm qabağında əlində əli bağlı durub nökərçilik eləsin, həm darğan olsun mülkünü dolandırsın, bir qəpiyin də arada itməsin. Hafizəxanım. Sənin ürəyindəki kİmdir? Şamamacadu. Mənim ürəyimdəki bir elə oğlandır ki, hər tükünü bir oğlana dəyişməzsən. Amma bir az kasıbdır. Hafizəxanım. Adını de görüm mən tanıyırammı? Şamamacadu. Bu saat deyim, gözəl xanım, yanıram, qoy bir az su içim. (Suyu ağzına alıb Hafizənin üstünə üfürür). Acığın tutsa da adını deyim. Adı Qurbandır. Hafizəxanım. Bəli, odunçu Qurban! Şamamacadu (kənara). Ağzının suyu axır, mən imanım, heç o yanbu yan eləmə. Niyə, Qurbanın olum, Qurban necədir? Kişmiş xanım, səbzə xanım, elə paltarı yaxşı deyil deyibən xoşuna gəlmir? Belə götür paltar geydir. Bir neçə gün qapında nökər kimi saxla, sonra get. Dövlətli xanımsan, heç kəs sənə bir söz deməz. Hafizəxanım. Yaxşı, bəs Qurban evin-eşiyin tullayıb gəlib məni alarmı? Şamamacadu. Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. İçinə donuz girsə başını bulaya-bulaya çıxar. Özünün də arvadı bir çirkin şeydir. Elə gecə-gündüz gözəl arvadarzulayır. Səni görəndə ağlını itirəcək. Hafizəxanım. Bəs onun onda arvadı necə olsun? Şamamacadu. Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. İndi bilirəm, Qurban eşidəndə sevinəcək. Hafizəxanım. Yəni sən bu işi düzəldə biləcəksən? Şamamacadu. Ay xanım, belə işlər mənim əlimdə su kimi bir şeydir. İndi, ay ceyran xanım, düzəltsəm mənə nə verəcəksən? Hafizəxanım. Çox böyük iş görürsən, məni odunçuya verirsən, sənə bir xələt də verim?! Şamamacadu. Sən vermirsən, mən də istəmirəm, nə deyirəm. Amma gedəndən sonra bilməyəcəksən ki, nə tövr məni razı edəsən. Di başına dönüm, bircə yumru mənə qənd ver. Hafizəxanım (qalxır). Otur burada, gətirim. (Gedir.) Şamamacadu. Oturmuşam, gözəl xanım, oturmuşam. (Tək). İndi, Şamama cadu, iş vaxtıdır, fürsəti əldən qoyma, məramına çatarsan, Qurban da Pəriyə yetirərsən. Pəri mənə deyir ki, gərək Qurban əziyyət çəkməyə, gərək bu yolda qan tökülməyə. Amma heç əlac yoxdur. Qurbanı dövlətdən savayı bir zadla yoldan çıxartmaq olmaz. Hafizəxanım (əlində qənd, daxil olur). Ala qarı nənə, apar. Heç, axır, sənin adını soruşmadım, adın nədir? Şamamacadu. Adımı neyləyirsən, gözəl xanım? Adım adına Qurban, işimi soruş. Hafizəxanım. Yenə bir de bilim. Şamamacadu. Adım, başına dönüm, Zərnigardır. (Qalxır getməyə.) Gedim, Qurban ın olum, səni görüm xoşbəxt olasan. Hafizəxanım. Bəs sən Qurbanı nə vaxt görəcəksən? Şamamacadu. Əlacım yoxdur, sənə Qurban, gərək ölsəm də sürünə-sürünə elə İndi gedim Qurbanın yanına. Hər tövr olsa Qurban bu gün qulluğunda olar. Hafizəxanım. Elə bu gün? Şamamacadu. Elə bu gün, sənə gözlərim Qurban, elə bu gün... Daha gedirəm, mürəxxəs olum. (Gedir.) Hafizəxanım (tək). Qarı deyəsən bir iş görəcək. Gedim bir dəst bəyin paltarından çıxardım verim, Qurban gələn kimi versinlər geysin, olsun bir dəstə gül. (Gedib paltarı gətirib, nökəri çağırır.) Əmrah! Ay Əmrah! Əmrah (daxil olur). Nə buyurursan, xanım? Hafizəxanım. A gədə, sənə neçə dəfə demişəm ki, mənə xanım demə, ağa de. Əmrah. Qələt elədim, ağa. Hafizəxanım (paltarı verir). Tut bu paltarları saxla, çirkləndirməyəsən. Bu gün odunçu Qurban buraya gələcək, verərsən ona geyər. Ondan sonra gətirərsən mənim yanıma, eşitdinmi? Əmrah. Bəli ağa, eşitdim. (Öz-özünə). Bəyin paltarını odunçuya geydirir. Bu bir kələkdən uzaq deyil. Hafizəxanım. Nə mırtlayırsan, a gədə? Əmrah. Heç, ağa, bir söz demədim. Hafizəxanım. Di itil, get, paltarı yaxşı yerə qoy, xarab olmasın. Əmrah. Baş üstə, boğçaya bağlaram. Hafizəxanım. Hə, di get, yaxşı. (Əmrah gedir). Mən də gedim bir az bəzəkdən-zaddan vurum. Hərçənd bu qaşa, bu gözə nə bəzək lazımdır, nə düzək, amma yenə qoy Qurbanın ağlı başından çıxsın. (Gedə-gedə oynayır.) Bayramındır, Hafizə! Bayramın... bayramın... Pərdə * * * Üçüncü məclis Vaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub,qabağındakı beşiyi yürüyür. Səlimə. Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində Şirin yuxu tapasan. Laylay, balam, laylay, Laylay, quzum, laylay, Laylay, körpəm, laylay. Allah, bu kişi görəsən niyə belə gec gəldi? Heç İndiyədək belə ləngidiyi yox idi. Əlbət odunu satılmır, nədi? Yazıq, kəsdirib bazarı ac-susuz. Barı heç olmasaydı gəlib çörək yeyib, yenə gedəydi. Allah, sən ona görünməz yerdən bir qapı aç. Yazığın əli-ayağı qabar olub. Odun daşımaqdan beli yağır olub. Allah pul yetirəydi, bir ikicə eşşək alaydı, bəlkə bir az yükü yüngülləşəydi. (Ah çəkib, qalxa-qalxa) Qoy bir durum görüm gəlirmi? (Qapını açıb baxmaq istəyir.) Allah, sənə şükür, budur gəldi. A kişi, niyə belə ləngidin? Bir azca şorba bişirmişəm, soyuya-soyuya qalıb... Qurban (daxil olur, əlində dəsmala bağlı ət). Əh, Allah kəssin belə günü. Axşamadək erməni eşşəyi kimi işləyirsən, elə acsan, ac. (Əyləşir.) Səlimə (mütəkkə gətirir). A kişi, sən Allah, quru yerə yıxılma. Qoy mütəkkəni qoyum başının altına. Qurban (başını qalxızır). Rəhmətliyin qızı, öldüyüm yerdə heç bilmirəm sən məndən nə istəyirsən. Di mütəkkədir, nədir, qoy əl çək. Bir az zəhrimardan zaddan da nə bişiribsən, gətir yeyim. Səlimə. A kişi, sən Allah, elə demə, bircə ayaqlarını da bura uzat, çarıqlarını çıxarım, ayaqların bir az sərinləsin. Qurban (ayağını uzadır). Bu da ayaqlarım, daha nə kələyin var, işlət. Səlimə (Qurbanın çarığını çıxarır). Ay Qurban, gəlsənəmi bir az su gətirim, ayaqlarını yuyam. Qurban. İstəməz, lazım deyil. Səlimə. Özün bil, nə deyirəm... Ay Qurban ayaqların nə pis qabar olub? Başına dönüm, gəl bir neçə gün oduna getmə, bəlkə ayağının qabarı sağala. Qurban. Oduna getməyim, bəs zəhrimar yeyəsən? Dur, şorba deyirdin, gətir görüm heç yeyə biləcəyəmmi. (Səlimə gedir.) Səlimə yaxşı arvaddı, iş görəndir, xasiyyəti də pis deyil. Amma nə çarə qılım, ürəyimə yapışmır. Nə qədər xasiyyəti yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Üzünə baxanda adamın ürəyi ağzına gəlir. Barı bu kasıblığıma görə arvadım göyçək olaydı. Yenə dərd yarı idi. (Səlimə şorbanı gətirir.) Buraya gətir görüm, soyumayıbdır ki? Səlimə (Qurbanın qabağına qoyur). Yox, soyumayıb. Mən elə bilirdim İndi buza dönüb, amma isti imiş. Bircə dad. (Qurban yeyir.) Yaxşıdırmı? Qurban (yeyə-yeyə). Çox yaxşıdır. Ölənlərinin ehsanı olsun. Heç belə şorba olmaz. O dəsmalda da bir az ət var, onu axşama dolma bişir. Niyazı qonaq çağırmışam. Səlimə (durur əti götürür). Yaxşı, niyə bişirmirəm, Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Çox yaxşı bişirərəm. Dünən aldığın kələmin də yarısı durur. Küpənin dibində də bir az gərək turşu olsun. Qurban (daha yemir). Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Sabah tezdən qızdırarsan, yeyib gedərəm oduna. (Səlimə qabı götürüb çıxır.) A kişi, insan qəribə axmaq olarmış. İndi mənə bir deyən gərək, ay sarsaq, bu ac vaxtında sən nə edirdin arvadı? Mənim kimisi ya gərək evlənməsin, ya duldan-muldan birisini tapsın ki, bir parça çörəyi olsun. İndi bu günə dəyərmi? Səhər qazandığın axşama qalmır. Qara günlüyünə də bir şey artırıb geri qoya bilmirsən. Ancaq sənə qalan yüyürüb yortmaqla hamballıqdır. İndi nə qədər belimdə qüvvət, dizimdə güc var, odun daşıyıram. Bəlkə bu gün-sabah qocaldım, onda mənə kim çörək verəcək? Eh, dərdim o qədərdir ki, deməklə qurtarası deyil. (Uzanır.) Səlimə (daxil olur.) Ay Qurban, yuxun gəlirsə, üstünə yorğan gətirim salım, bir az yat. Qurban. Hə, yaxşı, gətir sal, yuxum gəlir. Səlimə (yorğanı salır üstünə). Di yat, başına dönüm. Qurban. Di o uşağı da götür oradan. Oyanar, zingildər, başımı aparar. Səlimə. Yaxşı, götürüm. (Beşiyi götürüb gedir.) Qurban. Qol-qıçım o qədər ağrıyır ki, deyəsən heç yata bilməyəcəyəm. (Yorğanı çəkir başına; sükut.) Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi. Yazığam, fağıram, bircə tikə çörək verin yeyim, acından ölürəm. Qurban (qalxır). Məgər qoyarlar bir az dincimi alım. Şamama cadu. Ay ev yiyəsi... Qurban (durur, qapıda). Nə deyirsən, ay nənə? Şamamacadu. Nənə gözlərinə Qurban, ay oğul. Acmışam, bircə tikə mənə çörək ver yeyim. Belə sənin ömrün uzun olsun. Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın. Qurban. Ay nənə, vallah, mənim özüm də sənin kimi yoxsulam. (Pul verir.) Ala, ikicə qəpiyim var, verim apar. Şamamacadu. Allah bərəkətini artıq eləsin. Qurbanın olum yorulmuşam, qoy bircə tikə gəlim evində dincəlim. Allah evini-eşiyini abad eləsin. Qurban. Nə deyirəm, gəlirsən gəl. Şamamacadu (girir içəri, oturur). Ay, ay...Vay, bədənim heydən düşüb. Nə yaman zad imiş bu qocalıq. Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Qadan alım, bu ev sənindir? Qurban. Hə, mənİmdir, neyləyirsən? Şamamacadu. Heç, elə soruşuram. Allah abad eləsin. Bəs sən nə karın yiyəsisən? Qurban. Nə karın yiyəsi olacağam? Elə mən də sənin kimi, sən də mənim kimi. Odunçuyam. Gedib gündə meşədən odun yığıb dalımda gətirib bazarda satıram, onunla bir tövr güzəran eləyirəm. Şamamacadu. Heç gör Allaha rəvadır belə gözəl, qəşəng oğlan, özü göyçək, gözü göyçək gedib meşədən dalında odun daşıya?! Vallah, səni mən heç bəy oğluna, heç xan oğluna dəyişmərəm. Qurban. Nə qayırım, ay qarı nənə? Əlbət Allahın məsləhəti belədir. Dədəm öldü, mən də qaldım on altı, on yeddi yaşında. Bir az ondan-bundan dədəmin pulu var idi, mənim yiyəm olmadı, o pullar da batdı. Dədəm məni məktəbə qoymuşdu, yaxşı da oxuyurdum. Ta sonra, elə ki, dədəm öldü, mən də tək uşaq, oxuya bilmədim. Çıxdım, qaldım ac-susuz. Nökərçiliyə getmək arıma gəldi. Axırda əlacım kəsildi, başladım odunçuluğa. Bir az da pul qayırmışdım. Qonşular yığıldılar ki, bəs sən atanın yurdunu boş qoyma. Götürdülər məni evləndirdilər. Olan-qalan pul da, bir otuz manat olardı, toya xərc olundu getdi. İndi də ha çalışıram, işim dönüb eşşək quyruğuna, nə uzanır, nə gödəlir. Şamamacadu. İndi, qadan alım, evlisən? Qurban. Bəli, demək olar ki, evliyəm. Şamamacadu. Barı arvadın da sənin kimi gözəldirmi? Qurban. Eh, ay qarı nənə, gözəl olsaydı dərdim yenə az olardı, haradan oldu gözəl. Xalq dəli olmuşdu ki, mənə gözəl qız verəydi? Gözəl qızın gözəl də yeri olar. Şamamacadu. Əgər sözün doğru isə, heyf. Sənin kimi oğlanın lazımdır ki, bir mələykə sifətdə arvadı olsun. Qurban. Çarə nədir, ay qarı nənə? Qismətdən artıq yemək olmaz. Mənim də bəxtimə beləsi çıxıb. Şamamacadu (fikirli, yer eşir). Qadan alım, bayaq dedin ki, dədəm məni məktəbdə oxudub. İndi heç az-maz yazıdan-pozudan başın çıxırmı? Qurban. Niyə, qarı nənə, az-çox bilirəm. Farsidə bir bekara savadım var. Amma bu əyyamda, belə şeylərin bahasına qiymət verən yoxdur. Şamamacadu. Başına dönüm, bəs onda sən niyə böyük bəylərin birisinə qulluq eləmirsən? Yenə heç olmasa səni darğadan-zaddan edərlər. Əlinin də qələmi dahı sənə xeyir verər. Qurban. Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. İndi də mənim əlimdən odunçuluqdan başqa bir iş gəlməz. Şamamacadu. İndi ki əlindən odunçuluqdan bir ayrı iş gəlməz, nə eləyək, çox gözəl, heç bu da pis deyil. Bir dövlətli adama nökər ol. Eşşəkdən, qatırdan alsın versin işlət. Ayda da sənə məvacib versin. Qurban. Qarı nənə, vallah, əlacım kəsilib, nökərçiliyə də gedərəm, hərçənd adama bir az ar gəlir... Mənim dədəm, mənim babam heç kəsə gedib baş əyməyibdir. Həmişə öz əllərinin zəhmətini yeyiblər. İndi mən gedim kimə ağız açım? Şamamacadu. Mən sənə bir yaxşı adam taparam ki, sənə pul verər, paltar da verər, çörək də. Amma ikicə qatırı var, onları işlət. Qurban. Yaxşı, tap, elə bu saat gedərəm. Kİmdir o adam? Şamamacadu. O adam Hafizə xanımdır. Qatırçısı qaçıb, bu saat bərk adam axtarır. Qurban. Ay qarı nənə, sən Hafizə xanımı haradan tanıyırsan? Şamamacadu. Niyə tanımıram, başına dönüm? Dilənçi babayam, tez-tez gedirəm, çörəkdən-zaddan verirlər. Elə İndi oradan gəlirəm. Qapıdaca durmuşdum, gördüm səsi gəlir, deyir: “ Ay balam, bu qatırçı da qaçdı, heç bilmirəm necə eləyim?”. Elə gəl sən get onun yanına. Qurban. Qarı nənə, adını da bilmirəm. Şamamacadu. Zərnigar. Qurban. Zərnigar nənə, mən də Hafizə xanımı tanıyıram, irəlilər ona çox odun daşımışam. Sonra əri getdi iki qatır aldı, daha mənim ayağım kəsildi. Amma onu çox əzrayıl arvad söyləyirlər. Şamamacadu. Yox, yox, Qurbanın olum, nökər sözüdür, inanma. Hafizəxanım deyəndə, bir quzu kimi adamdır. Amma dələduz nökərlə arası yoxdur. Bu əyyamın nökərləri də elədirlər, ki, Allah göstərməsin, iki qəpikdən bacarsalar bir abbası oğurlarlar. Qurban (gülə-gülə). Zərnigar nənə? Şamamacadu. Nədir? Nənən sənə Qurban olsun. Qurban (gülə-gülə). Gələsən bir tövr Hafizə xanımı mənə alasan, bəlkə mən də Qurban bəy olam. Şamamacadu. Tahı niyə gülürsən? Elə bilirsən ona yaraşmırsan? Qurban (gülür). Elə yaraşaram ki. Deyirəm, qarı nənə, gəl sən bir elə iş elə. Bəlkə sənin dövlətindən kasıblığın daşını tullayam. Şamamacadu. Yəni doğru sözündür, yoxsa məni ələ salırsan? Qurban. Çox da oldu doğru. Bu sözün bahasına kim bir qara pul verər? Şamamacadu. Sən and iç ki, doğru sözündür, düzəltmək mənim boynumda. Qurban (ucadan gülür). Ha-ha-ha, nənə, sən də məzəli adamsan ey. Dövlətli adam da deyiləm ki, elə bilim məndən pul çəkmək istəyirsən. Sən ki belə şeylərin ustadısan. Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Şamamacadu. Sən belə güman etmə ki, sən məni oynadırsan deyibən, mən səni ələ salıb oynadıram. Mənə Zərnigar deyərlər, belə dilənçiliyimlə mən istəsəm dağı-dağ üstə qoyaram. Sən mənə and iç ki, zarafat eləmirəm, gör, mən nə işlər törədirəm. Qurban. Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən? Şamamacadu. Başına dönüm, elə bilirsən mən sənə havayı söz deyirəm? Üstüörtülü sözdən fayda yoxdur. Qoy açım sənə düzünü deyim. Doğrusu budur ki, mən dilənçi-zad deyiləm. Qorxdum ki, birdən söz açam, məni söyüb qovasan. Açığı, məni Hafizə xanım özü sənin yanına göndərib. O səndən ötrü dəli-divanədir. İstəyir ki, sən onu alasan. Qurban. Ay qarı nənə, axır belə iş olmaz. Mən hara, Hafizə xanım hara? O deyəndə, bir dövlətli xanım, mən gədənin birisi. Belə zad olarmı? Şamamacadu. Başına dönüm, sən nəyi axtarırsan! Arvad tayfası bir şeydir ki, gözü tutub ürəyi yapışandan sonra nə bəylik axtarır, nə rəiyyətlik. Qurban. Qarı nənə, vallah, mən inanmıram. Sən deyəsən mənə sataşırsan. Şamamacadu. Mən sənə sözün açığını dedim. Hələ özümə tapşırıbdır ki, səni özümlə aparam. Dur, ayağını geyin, gedək. Qurban. Yaxşı, elə tutaq mən səninlə getdim. Hafizə xanım da mənə gəldi. Bəs mən bu külfəti neyləyim? Arvad çirkin isə də, hər nədir, bir dəfə keçib boğazıma. Əlində də bir uşağı var. Onları mən kimin ümidinə qoyum? Şamamacadu. Ay başına dönüm, gör nəyin fikrini çəkir. Elə bilirsən, odunçuluqda qalacaqsan? Belə bəy olacaqsan, cibin dolu olacaq pulla. Həmişə əlin pulla oynayacaq. Belə özün də kef çək, arvadına da nə qədər sənin kefİndir xərclik ver. Qurban. İndi deyirsən gedək? Şamamacadu. Deyirəm, bir də üstündən. Qurban (çarığını geyir). Nə deyirəm, gedək deyirsən, gedək. Amma sonra yalan çıxa, vay halına. (Kənara.) Əgər doğru olsa, qanıram, heç Səlimə də bir söz deməz. Inşallah, deyəsən Allah duamı eşidib, mənə çörək yolu açır. Xanım da bir gözəlin birisidir. Mən elə çoxdan arzu edirdim ki, Hafizə xanım kimi bir arvadım olaydı. Allah, İndi əlbəttə, mənə baxıb. (Şamamaya) Di Zərnigar nənə, bu da mənim çarığım, gedirsən, dur gedək, görək mənim başıma nə qəzavü qədər gətirəcəksən. Şamamacadu (qalxır). Gedək, gözlərinə Qurban olum, gedək. Amma gərək əvvəlinci xələti mənə verəsən. Qurban. Baş üstə... Can üstə... Di düş qabağa. Səlimə (məclisin dalından): Laylay dedim yatasan, Qızıl gülə batasan. Qızıl gülə batasan. Qurban dayanır. Şamamacadu. Daha niyə dayandın, vaxt keçir, gəl gedək, Hafizə xanımın acığı tutar. Qurban. Bu saat. (İstəyir getsin, yenə səs eşidir). Səlimə (eşikdən): Qızıl gülün içində Şirin yuxu tapasan, Laylay, balam, laylay, Qurban yenə fikrə gedir. Şamama cadu. Dahi niyə fikrə getdin? Əgər istəmirsən, İndi mən çıxım gedim işimə. Qurban (fikirdən sonra). Gedək, gedək. Çıxırlar. Pərdə * * * Dördüncü məclis Vaqe olur Hafizə xanımın evində. Əmrah və Sayad ev süpürürlər. Əmrah. Eh, nökərçilik də bir kişilik deyil, ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Vallah, hamballıq bunun yanında bir xanlıqdır. Gündüz get işlə, axşam da gəl bir yorğan qırağındanzaddan çək başına, xorhaxor nə qədər kefİndir yat. Bir adam da deyə bilməsin ki, ayağın yandı, geri çək. Sayad. Boyunu yerə soxum sənin, utanmırsan da adını kişi qoyubsan. Əmrah. Necə, kişi deyiləm? Sayad. Sənin kimi kişinin gündə beşini palçıqdan yoğuraram. Kişi olan da nökərçilik eləyər? Boş-boş danışınca, get özünə peşə tap. Əmrah. Neyləyim, ay qız, belə xanıma bəndəm, gedə bilmirəm, axır... Sayad. Ala, başına daş düşsün, itə bax qarpız yeyir. Əmr a h. Ay qız, vallah, yanıram, bu odunçunu da ki gətirib mindirib boynuma. Deyir, ona ağa deginən. Lap bağrım çatlayır. Sayad. Ağa da deyərsən, canın da çıxar. Əmrah. Axır bir sən fikir elə. Bu itin birinə gedincə mənəcə gəlsəydi, nə olardı? O bir odunçudur, amma mənim atam kənddə neçə il kəndxuda yanında çavuşluq eləyib. Sayad. Böyük nəsildənsən, bu nə sözdür?! Özün də elə yaraşıqlı oğlansan, şir kimi, qara torpağa layiq. Görünür bəxtin yoxdur ki, Hafizə xanımın gözü səni görməyib. Qurban (daxil olur). A gədə, evi süpürürsən, barı bu akuşkanı aç, toz aləmi götürüb başına. Nə vaxtacan heyvan olacaqsan? (Keçir o biri otağa.) Əmrah (yüyürüb akuşkaları açır). Ağa, bu saat açım. (Qurban gedəndən sonra) Ay can ağa, bir hökmünə bax, deyir akuşkanı aç, evi toz başına götürüb, guya özü bargahdan gəlib. Dünənəcən donquz təki zibillikdə eşələnirdi, altına həsir parçası salırdı. Arvad da bir ityatan yorğanı götürüb tullayırdı üstünə, birələrin də əlindən səhərə kimi qurcalanırdı. İndi qu tükü yasdıq, pambıq kimi döşək, şal yorğan. Hafizə xanım kimi arvad. Neyləsin, babası görmədiyi günləri görür. Mən də onun yerinə olsam, qudurub yolumdan çıxaram. Qurban (başını qapıdan çıxarıb). Əmrah! Əmrah. Bəli ağa... Qurban (pulu verir). Al bu pulu, bu saat yüyür bir paçka iyirmibeşlik papiros al. Əmrah. Ağa, bu saat gətirim. (Qurban gedir içəri.) Oho, çək özünü altışahılıq papiros, görürsən? Nə deyim, əlbət Həsən Dadanov moddan düşüb. Bir də kişi bəydir. Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gələ. Eh, gedim bəyin papirosunu alım. Sayad (onun başına qapaz vurur). Di öl, canın çıxsın! Get odunçu ağana papiros al. Hafizəxanım (məclisin dalından). Əmrah, ay Əmra h! Əmrah. İndi bu başladı. Çor Əmrah, dərd Əmrah! Əmra hın oğlu ölsün. Hafizəxanım (daxil olur). Ay heyvan, səninlə deyiləm? Çağırmaqdan boğazım yırtıldı. Əmrah. Eşitmədim. Hafizəxanım. Niyə, qulağın kardı? (Sayada) Ay qız, sən burada nə qayırırsan? Sayad. Evi süpürürdüm, xanım. Hafizəxanım. Çox qələt eləyirdin! Sənə min dəfə deməmişəm mənsiz bu otağa girməyəsən?! Sayad. Girəndə nə qayırıram? Hafizəxanım. Nə qayırıram? Canına dərd qayırırsan. O nə sürmədir gözünə çəkibsən? Itil buradan. (Sayad gedir, Əmraha.) Yaxına gəl, hara gedirsən? Əmrah. Ağam pul verib, gedirəm papiros almağa. Hafizəxanım. Ağan çox özü üçün eləyib. Buyurmuşdu səyahətə, papiros da alıb gətirəydi. Bir bəri gəl görüm. (Əmrah yaxına gəlir.) Səndən bir söz soruşacağam. Mənə doğrusunu de, yoxsa gönünü aldıraram. Əmrah. Ay xanım, niyə doğrusunu demirəm? Hafizəxanım. De görüm, bəy irəliki arvadına puldan-zaddan göndərir, yoxsa yox? Əmrah. Xanım, vallah, əgər doğrusunu istəyirsən ərz eləyim: iki həftə bundan irəli bir üçmanatlıq verib, aparıb vermişəm. Amma ondan bəri göndəribsə də mən bilmirəm. Hafizəxanım. Di get, hər nə alacaqsan al. (Əmrah gedir.) Görürsən? Mənə deyir üçlüyü cibimdən salıb itirmişəm. Bax, mənim belə dərdim var. Itin birini gətirib adam eləmişəm, o da mənə kələk qurur. (Qapıdan çağırır). Qurban, ay Qurban! Qurban (o biri otaqdan). Bəli! Hafizəxanım. Bir buraya gəl görüm. Qurban (daxil olur). Nə buyurursan? Hafizəxanım. Yenə hara getmişdin? Qurban. Heç, elə bazara çıxdım, bir az fırlandım qayıtdım. Hafizəxanım. Mən sənə neçə dəfə tapşırmışam ki, məndən biizn qapıdan çıxma çölə? Qurban. Axır, ürəyim darıxır, nə tövr eləyim? Hafizəxanım. Ürəyin darıxır, cəhənnəmə darıxsın. Doğrusunu de görüm, haraya getmişdin? Qurban. Vallah, bazara çıxıb qayıtmışam. Hafizəxanım. Gör necə ağ yalan danışır. Mənim gözümün içinə deyir. Mən sən deyən deyiləm. Bu saat sən Səlimənin yanından gəlirsən. Qurban. Vallah, heç Səlimənin üzünü də görməmişəm. Elə bazaar dəyib qayıtdım. Hafizəxanım. Sən gəl mənə yalan demə. Mənə hamısını xəbər gətiriblər. Bu da üç manatın söhbəti deyil ki, arvadına göndərib mənə deyəsən itirmişəm. And olsun əzizlərimin goruna, bundan sonra eşidəm ki, Səlimədir nədir, ona pul göndəribsən, ya məndən biizn evdən çıxıbsan, səni itdən pis elərəm. Ağzını haraya veribsən? Əynin başın bir az düzəlibdir, elə bilirsən bir şeysən? Mənim sənə yazığım gəlir, gətirib səni insan sifətinə salmamışam ki, kefin nə istəsə eləyəsən?! Vallah səni bir Qurban bəy qayıraram ki, biri də yanından çıxar. Heç yolundan, izindən azma! Qurban. Bəs necə eyləyim? O da yazıqdı. Əlində uşağı var, pul göndərməsəm acından ölər. Hafizəxanım. Ölər, daha yaxşı. Neyləyim ölər. Çox böyük iş olar. Guya Səlimə kimi itin biri öləndə dünyanın altı üstünə çevriləcək. Eşidirsənmi? Oturursan burada, məndən biizn ayağını çölə qoymazsan. (Durur getməyə.) Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Çörəyini belə adama yedirdincə, itə tullasan bundan min pay yaxşıdır. (Gedir.) Qurban. Bəli, yaxşı kökə saldıq özümüzü. Bu da dövlət. Allah kəssin o dövləti ki, adamın burnundan tökülə. Yediyim haram, içdiyim haram, gecəgündüz rahatlığım yox. Yaxşı özümü bəlaya saldım. Bundan sonra gedib təzədən dalımda odun daşıya bilmərəm. Canın çıxsın, Qurban. Otur bu qızıldan tikilmiş Dustaqxanada, öküz kimi səni qoşsunlar kotana, çəkə bildikcə çək. Əmrah. Ağa, buyur papiros, gör özündəndirmi? Qurban (alır). Bəli, özündəndir. Ay bihəya, heç utanmırsanmı, səninlə evə üç manat pul yolladım, onun nəyini gəlib xanımın ovcuna qoydun? Əmrah. Ay ağa, nə bilim, soruşdu, mən də qorxumdan dedim. Qorxdum bir yaman adamdır, məni döydürə. Yoldansəsgəlir. Ay bacı, qayıt geri, xanım buyurub, səni bəyin yanına qoymayaq. Qurban. Əmrah, gör o nə səsdir? Əmrah (qapıdan). A gədə, qoy gəlsin içəri. (Əmrah tez kənara.) Uf, gəl kefimin dörddən biri. İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam. Səlimə qucağında uşaq daxil olur. Qurban. Niyə gəldin? (Əmraha.) Sən bir çölə çıx. Səlimə. Qurban, axır mən sənin haqqında nə yamanlıq eləmişəm? Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. İndi bu nə gündür sən məni salıbsan? Ac, susuz qalmışam damın altında. (Ağlayır.) Barı mənə yazığın gəlmir, bu tifilə yazığın gəlsin. Bunun heç bir taqsırı yoxdur. Qurban, acından, vallah döşümün südü quruyub, bu yazıq gecələr sabahadək quzu kimi mələyir. Evin olan-olmaz şeylərini də dəyər-dəyməzinə satmışam. Gör nə məqama gəlmişəm ki, uşağın beşiyini qonşuya satmışam. İndi daha bir satmalı şeyim qalmayıb. Vallah, mən acından öləcəyəm. Qurban, mən məgər belə demişdim ki, belə oldu? Axır mən o Səliməyəm ki, sən bir yerə gedəndə ürəyim dalınca gedirdi, sən gəlincə gözlərimi yoluna dikirdim. İndi sənin insafına nə gəlib? Hafizəxanım (daxil olur). Bu nə səsdir? Bu haradan gəlib çıxdı? Əmrah! (Əmrah gəlir.) A gədə, sənə tapşırmamışam ki, bunu buralara qoyma? Tut qolundan, sürü sal çölə. Elə bu qalmışdı... Əmrah. Gəl... Gəl, çıx görək. Səlimə. Bax, Qurban, məni sənin yanından qovurlar. Gedirəm, gedirəm, ay xanım, sözüm yoxdur. Barı bu tifli burada saxlayın, mən dilənməklə başımı saxlaram. Hafizəxanım. Bəli, İndi də it-qurd küçüyü saxlayacağam. Götür, çıx çölə, çəngi. Əmrah Səliməni salır çölə. Qurban (pərişan halda). Ay balam, yazıqdır. Hər nədir, ürəyi sınıqdır. Niyə qovursan? Elə bil Allah rizasına, Allah yolunda verirsən, bir-iki manat verib yola salaydın. Hafizəxanım. Dur yüyür dalınca! Yazıqdır. Sən də çox yazıqsan. Vallah, bu saat abrını ətəyinə bükərəm. Gündə bir it gəlib mənim baş-beynimi aparacaq, mən də oturub qulaq asacağam. Xeyr, gərək, xanım buyur deyib, yuxarı başa keçirdəydim. Altına kürsü qoyaydım, öz əlimlə qulluğuna qəhvə gətirəydim. Əlimi də əlimin üstünə qoyub qabağında kəniz kimi duraydım. Onda xoşuna gələrdimi? Qurban. Yox, yenə insafdan uzaq iş gördün. Hafizəxanım. Hə, bəs insafdan uzaq işdir. Bəs mən sənin kimi itlə özümü baş-başa bağlamışam, bu insafdan deyilmi? Əmrah (daxil olur, iztirabla). Xanım, o arvad öldü! Qurban. Necə, öldü?! Əmrah. Vallah, İndi aşağıya endikdə əlində şüşədə bir şey var idi. Əvvəl uşağın boğazına tökdü, sonra da özü içdi, ikisi də öldü. Qurban (ağlaya-ağlaya istəyir qapıdan çıxsın). Sonra, sonra!.. Hafizəxanım. Qayıt... haraya yüyürürsən? Cəhənnəmə ölsün! Beş arşın ağdır, on beş manat pul, onun canı. Verərəm, elə bilərəm saldım itirdim. Ağlamağına bax! Kəs səsini! Qurban. Axır o yazığın taqsırı nə idi, onu qanına səbəb oldun? Hafizəxanım. Hələ danışacaqsan da. Sən də itil buradan, itin biri! Qurban. Məni sən iki cahanın avarası elədin, bundan sonra mən haraya gedəcəyəm? Hafizəxanım. Mən nə bilim? Hansı cəhənnəmə gedəcəksən get! Mən duz-çörək tökən adamı saxlamaram. A gədə, Əmrah! Tut bunun qolundan, sürü sal eşiyə! (Əmrah gəlir.) A gədə, eşitmirsən? Yapış qolundan çək çölə. Əmrah gəlmək istəyir. Qurban (qeyzlə). İtil cəhənnəmə, haramzadə! (Əmrah gedir). Hafizəxanım. Söyüş söyməyinə bax... Qurban (artıq qeyzlə). Yığdın mənim canımı boğazıma! Mən gedirəm, bu da sən! (Qəmə ilə Hafizə xanımı öldürür.) Hafizəxanım. Oy... (Yıxılıb ölür.) Qurban. Hər yerdən əlim üzüldü. Bundan sonra bu qəmə mənim yoldaşım; dağlar, daşlar mənim məskənim olacaq. Getdim... (Çıxır.) Pərdə * * * Beşinci məclis Vaqe olur Pəri cadunun məkanında. Müqabildə uca dağlar. Məclisin sol tərəfində Pəri cadunun evidir. Sağ tərəfi meşədir. Sol tərəfdə, kənarda çoban ağacına söykənib, tütək çalır. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar. Birinciəcinnə. Daha bəsdir. Yoruldum. Gəl bir az oturaq dincimizi alaq. İkinciəcinnə. Bu da odun yığmaq deyil ki, yorulasan. Birinciəcinnə. Ay balam, bu nədir, neçə gündür, axır heç xanım bizi oduna göndərmir. Bunun görəsən sirri nədir? İkinciəcinnə. Sirri hər nədirsə öz yanındadır. Amma, mən bilən Qurban odunçuluğu tərk edib. Neçə gündür heç xanımın kefi yoxdur. Elə dəqiqədə bir ah çəkir, bir ucdan deyir. “Ax, gəlmədi”. Birinciəcinnə. Budur, Şamama cadu gəlir. Görək ondan bir əhvalat bilmək olarmı? Şamamacadu (daxil olur). Bu saat ikiniz də yüyürün əcinnələrdən beş-onun götürün, dağılın meşəyə. Odunçu Qurban qaçıb gizlənməyə yer axtarır. Biriniz şir, biriniz pələng, biriniz əjda və iri heyvanat sifətinə düşüb kəsdirərsiniz ağacların diblərini. Qurban haradan qaçmaq istəsə, qabağını kəsib, salarsınız, yolun ayağına, birbaş götürüb gələrsiniz buraya. Di durmayın, haydı! Birinciəcinnə. Balam, Qurban gəlir, xanımın kefi kökələcək. Durmaq yeri deyil, gəl dalımca. Gedirlər. Təlxəkəcinnə (dağın başından). Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Şamamacadu. İndi də xanıma ər gətirirəm. Bir oğlandır ki, misli aləmdə tapılmaz. Təlxəkəcinnə. Qarı nənə, mən də gedimmi? Şamamacadu. Yox, sən burada qal. Bir neçə əcinnə dağlara dırmaşırlar. Təlxəkəcinnə. Bura bax, Şamama qarı, sən mənim canım, doğrusun de görüm, mən gözələm, yoxsa o gələn oğlan? Şamamacadu. Ala, kül başına, bu da özünü cərgəyə qoşur. Təlxəkəcinnə. Ay qarı nənə, nə olar, sən də mənə gələsən. Səndən ötrü ürəyim gedir. Sənin o bircə gözün mənim ciyərimi yandırır. Şamamacadu. A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Təlxəkəcinnə. Ay gözəl qarı, öldürmə məni, barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. (Qucaqlayır.) Şamamacadu. Püf... Ağzından gör nə pis sarımsaq iyi gəlir. Təlxəkəcinnə. Oxay! Canıma yayıldı.. (Dodağını marçıldadır, oxuyur): Dolaydan keçən qarı, Köndələn sevdim səni. Eşqin vurub çarığıma, Dik-dik dingildədir məni. Dik, dik... Şamamacadu. Ay bədzat, görək, İndi xanım çıxanda deyərəm, sənin başına oyun açar. Təlxəkəcinnə. Get, hər nə bilirsən elə. Mən xanıma deyəndə ki, sarımsaq yeyib, Şamama cadunun dodağından öpmüşəm, gülməkdən qəşş edəcəkdir. Şamamacadu (gedə-gedə). Görək, əlbət əlimə fürsət düşər. Təlxəkəcinnə (Şamamanı buynuzlayır). Bö, bö, bö, bö... Şamamacadu (ağacla vurur). Di get, haramzadə, bir də sən ol, mənə sataşma. Təlxəkəcinnə (əlini belinə qoyur, Şamamı yamsılayır). Ay belim sındı... Şamama cadu gedir. Qarı nənə gəldi canım, yoruldu qaldı canım, İynəsi itdi canım, sancağı qaldı canım. Qoy bir qayanın başına çıxım, görüm gəlib-gedən varmı? (Çıxır qayaya) Odur gəlir ha... Qah, qah, qah... Odur ha... Gör necə qabaqlarına qatıb qovurlar. Vay, atamın atası vay... Qah, qah, qah... Gör üzüqoylu nə dəydi yerə! Yox, qalxdı... Budur gəlir... Qurban (gəlir). Ay öldüm, ay çatladım... Bu nədir, Allahın qəzəbidi məni tutub. Bu nə yerdir mən gəldim çıxdım? (Çobanı görür.) Ay çoban, sən Allah bircə de görüm bura haradır ki, mən gəlib düşmüşəm? Çoban. Bura o yerdir ki, gələn qayıtmaz. Qurban. Necə gələn qayıtmaz? Çoban. Sənin kimi neçə oğlanlar gəlib buraya, hamısını bircəbircə öldürüblər. Məni ki görürsən, deyirsən bir sarsaq çobanın biridir. Amma yox, mən çox böyük adamın oğluyam. Burada bir qarı var, adına Şamama cadu deyirlər. Bu köpək haradan gəldi çıxdısa mənimlə arvadımın arasında qeylüqal saldı. Mən də hirsləndim, vurdum arvadımı öldürdüm, divan əlindən qoydum qaçdım meşəyə. Orada dörd ətrafımı yırtıcı heyvanat aldı. Qaça-qaça gəldim çıxdım buraya. Burada da nə tövr oldusa, mənə rəhm elədilər, öldürmədilər. Amma qoyunlara çoban elədilər. Üstümdə də gözətçi qoyublar, heç yana tərpənə bilmirəm. Qurban. Bəlkə mənim də elə evimi haman qarı yıxıb! O qarının adı Şamama cadu, yoxsa Zərnigardır? Çoban. Yox, Zərnigar deyil, Şamama cadudur. Bizə gələndə də deyirdi adım Zərnigardır. Amma yox, yalan deyirmiş. İndi haman qarı sənin, mənim kimi adamları yoldan çıxarıb qan elətdirir. Ondan sonra mənim kimi dartıb gətirir buraya. Burada da haman saat əcinnələr öldürüb, kabab eləyirlər. Hamısının da ciyərini qarı yeyir. Qurban. Ay çoban, axır mən də o qarının toruna düşmüşəm. Çoban. Gör qaçıb qurtara bilərsənmi? Yoxsa bura sənin qəbrİndir. Qurban (iztirabla). Mən haraya qaçım? Çoban. Budur, bu yan səhra, o yan meşə. Gör birindən qaçıb itə bilərsənmi? Yoxsa canından əl çək. Qurban. Əlimdə imkan var ikən başımı götürüm qaçım. Pənah Allaha, haraya çıxam. Qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Amma özüm gözümlə gördüyüm ölümə getməyim. Allah, səndən mədət. (İstəyir soldan qaçsın, od çaxır.) Allah, bu nə yaman yerdir, nə zülümdür mən düşmüşəm! (İstəyir sağ tərəfdən qaçsın, alov qalxır.) Bu da olmadı. (İIstəyir dal tərəfdən qaçsın, yenə alov qalxır.) Pərvərdigara, mənim ölümüm gərək burada olsun? Ya rəbbi, sənsən Yusifi zindandan qurtaran, məni də bu zindandan qurtar! (İstəyir gəldiyi yolla qaçsın, əcinnələr qışqırırlar.) Əcinnələr. Qayıt. Ah... ah... ah... Qurban yıxılır, ürəyi gedir, əcinnələr daxil olurlar. Birinciəcinnə. Ay, nə damaqla gətirdik burayadək. Nə yüyürmüşük. İndi mən bilirəm, qılçaları qırılıb, gör nə çul kimi sərilib. Əcinnələr (gülürlər). Ah... Ah... ah... Təlxəkəcinnə (dağın başından). Elə bilirsən yorulub yıxılıb? Birinciəcinnə. Bəs nə olub? Təlxəkəcinnə. O çobandan soruş, sənə nağıl elər. İkinciəcinnə. Sən niyə oraya dırmaşıbsan? Təlxəkəcinnə. Niyə dırmaşmayım, nə vecimədir? Mən də sizin kimi it ağacı deyiləm ki? Belə burada ləzzətli hava udub, kef eləyirəm. (Fit çalır.) İkinciəcinnə. Bəxtəvər buynuzuna, arı yeyib namusunu da taxıbsan quyruğuna. Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Birinciəcinnə. Ay çoban, bu oğlana nə gəldi, niyə yıxılıb? Çoban. Vallah, məndən soruşdu ki, bura haradır? Mən də cavab verdim: bura gələn geri qayıtmaz. Bir az bu yana yana yüyürüb yol tapmadı, sonra yıxıldı ora. Birinciəcinnə. A kişi, nə qayırıbsan? Bu, xanımın nişanlısıdır. Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəlidivanədir. Nə gecə yuxusu var, nə gündüz rahatlığı. Niyə qorxuzubsan bunu? Gəl görək ölməyibdi ki? Hamısı Qurbanı əhatə edir. Çoban, Qurbanın başını alır dizi üstə. Çoban. Yox, ölməyibdir, amma ürəyi gedib, bir az su gətir. Birinciəcinnə. Bu saat gətirim. (Yüyürür.) Çoban. Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür bəri gəl. Əcinnə cürdəyi gətirir. Çoban, Qurbanın üstünə su səpir. Qurban (ayılır). Ox, başınıza dönüm, bura haradır? Buradakı nə məxluqdur, bircə məni başa salın. Birinciəcinnə. Bura Pəri cadunun məkanıdır. Səni gətirdən odur. Neçə gündür sənin dərdindən nə çörək yeyir, nə su içir. Elə Qurban deyib gəzir. O Pəri cadudur ki, bizi sənə nökər eləmişdi. O hazır odun ki, hər gün gəlib meşədən tapırdın, onu biz yığırdıq səndən ötrü. Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Çoban. Oğlan, əhvalatdan mən də İndi xəbərdar oldum. Mən burada əcinnələr içində tək insanam. Sən də mənim yanımda olsan bir tövr günümüz yubanar. Pəri cadunun yanında öz kefini kök saxla. Oyna, gül... Yoxsa ax-vay eləsən səni də, səndən irəli gəlib gedənlərin dalınca göndərəcək. Eşitdinmi? (Əcinnəyə) Balam, gəlin gedək, deyəsən xanımın ayağının taqqıltısı gəlir. (Qurbana.) Bax, sözüm qulağında qalsın. (Gedir.) Pəricadu (məclisin dalında oxuyur): Can nəqdin əgər etsin, ey şux, təmənna sən. Bir güşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Qurban (hövlnak). Ah meşədə eşitdiyim səsdir. Pəricadu (daxil olur). Xoş gəlibsən, ay oğlan. Bu yerlər hamısı sənə peşkəş, mənim canımla. De görüm, nə tövr gəldin çıxdın? Zəhmət çəkmədin ki? Qurban. Xanım, mənə çox əziyyətlər verdilər. Allah Zərnigar qarıya insaf versin. Pəricadu. Zərnigar kimdir? Qurban. Gərək ki, burada ona Şamama cadu deyirlər. Gəldi məni bir dövlətli arvadın toruna saldı. Arvadım uşağımla qaldılar ac, susuz. Axırda arvadım naəlac qalıb özü də zəhər yedi, uşağa da zəhər verdi. Xülasə, söhbət uzundur. Mən də ondan sonra toruna düşdüyüm arvadı öldürdüm, qaçdım meşəyə. Meşədə yırtıcı heyvanlar tökülüb üstümə məni qova-qova gətirib salıblar buraya. Amma, xanım, İndi ki səni görürəm, zəhmətim də, evim də yadımdan çıxır. Sənin kimi xanımın yolunda can vermək olar. Pəricadu (əl vurur, birinci əcinnə daxil olur). Ey, Şamama caduya deginən xanım səni çağırır. (Əcinnə çıxır, Qurbana.) Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. (Qurbanın qolundan tutur). Gəl, gəl gedək... (Qurban gedir içəri.) A gədə, qabdan-qaşıqdan, şərabdan gətirin, bir süfrə salın. Şamamacadu (daxil olur). Bu da mən, gəldim. Xanım axtardığını gətirib gəldim. Di mənim xələtimi ver. Pəricadu (qeyzlə). Gözlə, indi alarsan xələtini. Əcinnələr yavaş-yavaş süfrə hazır edirlər. Təlxəkəcinnə (dağın üstündən.) Elə onu mənə alginən, o da olsun onun xələti. Ölürəm ondan ötrü. Şamamacadu (acıqlı). Kəs səsini, gör hara dırmaşıb! Bu da sarımsaq yeyib gəlib mənim ağzımdan öpməyin, sonra da məni buynuzlamağın deyil. Təlxəkəcinnə (ağzını əyir). Eh, eh, eh... Pəricadu. A gədə, kəs səsini! (Şamamaya.) Hələ bir de görüm Qurbanı nə tövr gətirdin? Şamamacadu. Nə borcundur! Mənə dedin get gətir, mən də gətirdim. Hər tövr gətirdim mən billəm. Sən malın yiyəsisən. Əcinnələr süfrəyə lazım olan şeyləri gətirirlər. Pəricadu. A qoca köpək, mən səni göndərəndə nə tapşırmışdım? Utanmırsan mənə gəlib deyirsən, xanım, budur, buyur, oğlanı yanıma salıb gətirmişəm. Bəs bu bir belə əziyyəti ona veribsən, onu niyə demirsən? Sən bilirsən ki, Qurbanın ayağı büdrəyib yıxılmağına razı deyiləm? İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm. Şamamcadu. Bəli, bu da bizim qulluğumuzun əvəzi. Pəricadu. Di yaxşı, çəkil cəhənnəmə gözümün qabağından! Hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Oğlana bir belə zəhməti çəkdirməyi bəs deyil, üç qana bais olduğu bəs deyil, danışır da. Itil!.. Şamamacadu. Gedirəm, üç qana bais olmuşam, yenə də qan elərəm. Onda bilərsən ki, Şamama cadu nə imiş. Deməyinən məni sənə əcinnə padşahı qulluqçu verib. Sən ki məni qulluqçuluqdan qovdun, gör halətini. (Gedir. Birinci əcinnə daxil olur, əlindəki bakalları qoyur süfrəyə.) Birinciəcinnə. Xanım, süfrə hazırdır. Pəricadu. Get kabab gətir! Birinciəcinnə. Baş üstə. (Gedir.) Pəricadu (evin qapısından). Qurban! Qurban (içəridən). Bəli. Pəricadu. Gəl çörək yeyək. (Qurban daxil olur.) Di gəl, gülüm, otur, bir neçə piyalə şərab iç, yorğunluğun çıxsın. Qurban (otura-otura). Axır mən şərab içmirəm. Pəricadu (piyaləni doldurur). Mən verəndən sonra gərək içəsən. Qurban. Sənin o gözəl əllərindən nəinki şərab, zəhər də içmək olar. Pəricadu (piyaləni verir Qurbana). Ala, iç, bu sən deyən şərabdan deyil. Bunu əcinnələr qayırırlar. Qurban (içir).Bəh... bəh... ruhum təzələndi, qəribə içkidir. Pəricadu (içir). Ay Qurban, vallah, səni görmüşəm, elə bilirəm dünyaya təzədən gəlmişəm. Bilmirəm mən səni istəyən kimi sən də məni istəyəcəksənmi, ya yox? Qurban. Ay xanım... Pəricadu. Sən Allah, mənə xanım demə. Pəri de. Mən hər kəsə xanım olsam da, sənə Pəriyəm. Qurban. Nə eləyək, belə olsun. Ay Pəri, bayaq dedim ki, elə mənim arzum bu idi ki, çatmışam. Dövlət burada, gözəllik də səndə bir payədədir kim, cəmi aləmi axtarsan, ələ keçməz. Bu qızıl zülf, bu qələm qaşlar, bu yaqut dodaqlar, bu ahu baxışlı gözlər harada tapılar? Pəricadu (əl vurur). Rəqqasələr gəlsin. Rəqqasələr daxil olub, rəqs edirlər. Pəricadu. Doldur piyaləni götür əlinə, anadan olandan İndiyə kimi mən belə kefi görməmişəm. Oxu görək. Qurbanvə Pəricadu (oxuyurlar): Bər məhfeli xod rah mədeh həmçu mənira, həmçu mənira. Əfsordə del əfsordə koned əncümənira. Təlxəkəcinnə (dağın üstündə). Ay, ay, ay... Əzizim Həsən əmi, At oxun sinəmə dəysin. Bəs niyə ağaca çıxırdın? Başmağın tayı itib, Zülfü nə ilə darayım? Ay ala gözlü kor canan, İkimiz üçgözlü, üçgözlü canan... Qurban. Bu kimdir? Pəricadu. Ba da bizim dəlimizdir. Belə məzəllik edir. Qurban (təlxəkə). A gədə, nə yaxşı oxuyursan. Səsini toyuna saxla! Təlxəkəcinnə. Oxay, dilinə Qurban olum, o toy deyən dilinə. Nə vaxt bircə Şamamanın üzünə duvaq salıb, mənə gəlin gətirəcəklər. Ölürəm ondan ötrü, ciyərim çıxır ondan ötrü. (Oxuyur): Ay dolaydan gedən qarı, Köndələn sevdim səni. Eşqin vurub çarığıma, Dik-dik dingildədir məni, Dik-dik dingildədir məni... Pəricadu. A gədə, itil cəhənnəmə oradan. Təlxəkəcinnə (aşağı hoppanır). Ay xanım, Qurbanın olum, Şamamaya bir neçə söz demişəm, onu oxuyum, bircə qulaq as. Pəricadu. İtil get, sonra oxuyarsan. Qurban. İşin yoxdur, qoy bir az vəz eləsin, gülək. Pəricadu. Di yaxşı, oxu, başla görək nə deyibsən? Öz məclisinə mənim kimiləri buraxma, çünki bir kədərli adam bütöv bir məclisi qəmləndirə bilər. Təlxək əcinnə. Qoy özümə bir saz götürüm. (Gedir, bir parça ağac qırığı gətirir.) Heç belə saz olmaz. Qoy bir yaxşı kökləyim. Dınq, dınq, dınq... bəh, bəh, bəh... çox dadlı çalacaq. İndi, ağalar, sizə ərz eləyim insan şairlərindən. Onların hamısının yazdıqları güldür, bülbüldür. Leylidir, Məcnundur, Yusifdir, Züleyxadır, Fərhaddır, Şirindir, yardır, əğyardır, axırda dalay-dalay... Amma heç qoca qarıları yadına salan yoxdur. Əlbət Şamama kimisini görməyiblər. İnsan şairlərinin içərisində birisi var idi, Aşıq adlı. O deyirdi: Xəstəvü zar nəzarım, səni sevdim, sevəli, Qalmadı səbrü qərarım, səni sevdim, sevəli. İndi mən də bu sözün üstündə Şamamanı tərif eləmişəm. Di qulaq asın: Ey Şəmamə, qoca yarım, səni sevdim, sevəli, Motalım, tülkü dağarım, səni sevdim, sevəli. Gözlərin taxi-zoğal tək baxıban canın alır, Ey mənim çeşmi-xumarım, səni sevdim, sevəli, Necə qat-qat qırışıbdır, ruxi-gül buyun, a gül, Ey mənim şuxi-üzarım, səni sevdim, sevəli Qəddi tabın, gözəlim, taqi-kəduyə bənzər. Nə xuramandır, a qarım, səni sevdim, sevəli. Gecələr sübhə kimi ahü fəqan deyər: Quruyub cümlə damarım səni sevdim, sevəli. Eşqim vurub buynuzuma, qoy gedim görüm maralım haradadır?(Oynaya-oynaya gedir.) Qurban. Bunda yekə dəsgahlar var imiş ki!.. Pəricadu. Hələ bu nədir, bunda cəlallar görəcəksən. Di piyalənigötür, başla görək, əzizim. Qurban (oxuyur): Hər kəs ke ləbi-ləli-tora didə də del qoft, Həkkak çe xoş kənde əqiqi-Yəmənira. Sənin ləl dodağını görənlər dedi ki, həkkak bu Yəmən əqiqini nə gözəl yonmuşdur. Səlimə (qucağında uşaq, Qurbanın gözünə görünür). Laylay dedim yatasan, Qızıl gülə batasan. Laylay, balam, laylay... Səlimə yox olur. Qurbanın halı təğyir tapır. Pəricadu. Nə var? Qurban. Heç, elə qulağıma bir səs gəldi. Piyaləni götür. Qurbanvə Pəri (oxuyurlar): Biya, ey şeyx, təmaşa kon çe şərabi, çe kəbabi, Məkon əndişə əz məhşər, çe hesabi, çe kitabi. Səlimə (Qurbanın gözünə görünür): Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində Şirin yuxu tapasan... Qurban (pis halda piyaləni atır). Yox, daha tab gətirə bilmədim. Sən, bir mən arsıza, binamusa baxginən, gəlib burada kefə məşğul olmuşam, daha demirəm ki, üç qan tökmüşəm. Səlimə! Qədrini bilməmişəm, məsinə Qurban olum, mənim bağrımı... Pəricadu (qeyzlə). Bəs sən məni ələ salıbsan? Bu nə Səlimə sözüdür? Dayan... (Əl vurur, əcinnələr daxil olurlar.) Götürün bunu, bu saat bunun bədənini parça-parça elərsiniz. Bundan sonra gərək bu qayanın arasında o qədər qan tökdürəm ki, qarğa-quzğun əlindən günün şəfəqi tutulsun. Qurban. Götürün məni, çıxardın bu nühus gözlərimi. Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Mənim bədənimi dərələrə atın, qarğaquzğuna xörək olsun. (Pəri caduya) Sən də, ey mənim dinimin, dünyamın, axirətimin düşməni, gəl dalımca. (Qəmə ilə vurur.) 142 Pəricadu. Oy... Pəri cadu yıxılıb ölür. Hava qaralır, ildırım çaxır, məclisdən alov qalxır. Əcinnələr qışqırırlar. Qurbanı didə-didə aparırlar. Qurban. Səlimə, axır saatımda oxu, bir də səsini eşidim. (Mağaraya tərəf gedir, mağaradan Şamama cadu çıxır.) Ah, Zərnigar!.. Şamamacadu (istehza ilə). Zərnigar, Zərnigar!.. (Yeriyir Qurbanın boğazından dişləri ilə yapışıb, qanını sorur. Qurban ölür.) Ha belə!.. Çox ləzzətli oldu. Sən də, xanım, yatginən, yaxşı yuxuya getginən.(Oxuyur): Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində, Şirin yuxu tapasan. * * * == Dram əsərləri == Millət dostları Bir məclisdə xırda milli teatr Əhli-məclis keyfiyyət bir məclisdə Əsgərbəy – dava vəkili Səfi – Əsgərbəyin nökəri Firudinbəy – injiner Ev sahibi Səfərbəy – meşəbəyi Vəlibəy – təbib Mürsəlbəy – silistçi Neçə nəfər mütəməddin əşxas Əsgərbəyin qonaqları Əhvalat keçir Əsgər bəyin mənzilində. Əsgər bəy stolun ətrafında gəzir. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Əsgərbəy. Səfi, sən niyə Martirosa demədin ki, həmişə göndərdiyi çaxırdan göndərsin? O bilmirmi ki, mən Qarakənd çaxırından savayı ayrısın xoşlamıram? Səfi. Ağa, mən dedim, amma yəqin Qarakənd çaxırı qurtarıb. Əgər xahiş eləyirsən, aparım qaytarım, Qarakənd çaxırı gətirim. Qələt eləyir, özündə də olmasa, özgə yerdən alsın versin. Əsgərbəy. Eybi yoxdur, qoy dursun, bunları verərəm Firudin bəylə Vəli bəy içərlər. Onlara Allah baxıbdır, hər nə zəhrimar versən qarınlarına doldurasıdırlar. Ancaq kef gətirsin. Səfi. Doğru buyurursan, ağa, şkafda da bir üç-dörd butulka Qarakənd çaxırı var, sənin üçün kifayət elər. Bir də, ağa, bağışla, ayıb olmasın soruşmaq, bu qonaqlıq nədən ötrüdür? Əsgərbəy. Vallah, bilmirəm nə tövr deyim başa düşəsən. Bu gün yoldaşlarımı qonaq çağırmışam, istəyirik bir cəmiyyət bina qoyaq ki, o cəmiyyət müsəlman camaatının həmişə qabağa getməsinə çalışsın. Məsələn, şkolalar açsın, pul yığıb füqəraların uşaqlarını böyük şkolalarda oxutsun və belə-belə xeyir işlər görsün, başa düşdün? Səfi. Niyə düşmədim, çox gözəl başa düşdüm. Allah sənə ömür versin, ağa. Elə fəqir-füqəranın duası sənə bəsdir. Əsgərbəy. Taqqıltı gəlir, çıx gör nədir, deyəsən qonaqlar gəlirlər. (Səfi çıxır.) Budur, neçə ildir ki, millət fikri mənim ürəyimdə bir böyük dağ olub. Amma tək olub kar görə bilməmişəm... İndi ümidvaram ki, bir belə yoldaşların köməyi ilə mənim başımdakı xəyallar hamısı vücuda gələ. (Daxil olurlar: Firudin bəy, Vəli bəy, Səfər bəy, Mürsəl bəy və bir neçə sair qonaqlar.) Buyurun, buyurun, ya Allah, bəs niyə gec gəldiniz? Firudin, sən ki saat birə vədə vermişdin, İndi üçün yarısıdır. Firudinbəy. Doğrudur, mən vaxtında elə evdən çıxmışam, amma yolda Anna Petrovna çıxdı qabağıma, dedi, gərək mənimlə gedəsən Arakelovun mağazasına. Əlacım kəsildi, getdim, oradan bir neçə əskiüsküdən alıb məni yüklədi. Dedi gərək məni evə provodit eləyəsən. Nə qayırım, mən olmayım, sən ol, Anna Petrovnanın sözünü yerə salmaq olar? Aparıb evlərinə qoyub qayıtmışam. Odur ki, bir az apazdat elədim. Əsgərbəy. Bəli, sənin damski kavalerliyinə söz yoxdur. Vəlibəy. Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim. Deyəsən heç bir zada gərək deyilsən. Əvvəla, bir belə adam ayaq üstə durub, birinə otur demirsən və bir də Firudin ki, bir belə zəhmət çəkib yorulub, lazımdır ki, Anna Petrovnanın sağlığına bunun bığının altına bir tərkaltı vurasan. Əsgərbəy. Mənim deməyim nə lazımdır, açıq süfrə özü size çağırır. O ki qaldı Firudinə, o elə naxaldır ki, ona təklif-filan lazım deyil, özü töküb özü içəcək. Firudinbəy. Mənim naxallığım sənə nədən məlumdur? Əsgərbəy. Ondan məlumdur ki, budur neçə vaxtdır bu adamlar çalışır, heç biri İmdiyədək Anna Petrovna ilə aşna ola bilməyiblər. Amma sən sitallığına salıb aşna olubsan. Səfərbəy. Siz öləsiniz, həzərat, mən İndiyədək min beş yüz manatdan artıq Anna Petrovnanın yolunda xərc eləmişəm, yenə tanış ola bilməmişəm. Amma bu zalımın bilmirəm əfsunu var, nədir?! Əsgərbəy. Onun əfsunu elə haman mən deyən naxallıqdır. Həzərat, mən ölüm, quru danışıqdan fayda yoxdur, buyurun zakuskadanzaddan eləyin. Firudin, yaxınıma gəl, səni mən öz dəst-xəttimlə doyuzduracağam. (Qonaqlar əyləşirlər, Firudin bəy əyləşir Əsgər bəyin yanında. Əsgər bəy araq töküb ona verir və sair qonaqlar həmçinin rumkalara araq tökürlər.) Buyur, iç Anna Petrovnanın sağlığına. Qonaqlarhamısı. Firudin, Anna Petrovnanın sağlığına. İçirlər. Mürsəlbəy. Allah sizin dostluğunuzu möhkəm eləsin. (İçir). Firudinbəy. Sağ olun, çox razıyam. (İçir.) Tfu... nə murder araqdır! Bu zəqqumu haradan alıbsan, ay Əsgər? Bir onun şüşəsini bura ver görüm. (Baxır.) Oxay! Mənim zəhləm elə Popovun arağından gedir, bu da gedib Popov alıb. Niyə, bu dağılmış bazarda Smirnov tapılmır? Mürsəl bəy. A kişi, iç getsin o yana, sən nə anlayırsan Smirnov nədir, Popov nədir? İndi bu camaata özünü göstərirsən? Vəlibəy. Siz öləsiniz, camaat, mənim otuz beş yaşım var, bir dəfə araq şüşəsinin üstünü oxumamışam. Neyləyirsən, qardaş, araq araqdır, iç getsin dərdinin dalınca. Müsəlman nə anlayır arağın ya çaxırın yaxşısını, pisini, əlinə düşdü, iç keflən, ya iskandal elə, ya yıxıl yat. Səfi sup gətirib qoyur. İki butulka da çaxır qoyur Əsgərbəyin yanına və məclis qurtarınca peydərpey çörək və meyvəcat gətirir. Əsgərbəy. Həzərat, boşqablarınızı bir-bir verin sup töküm. (Töküb verir.) Zakuska ilə qarnınızı doydurmayın, sonra bir şey yeyə bilməzsiniz. Qonaqlar şirin yeyirlər. Mürsəlbəy. Firudin, mən ölüm, bir nağıl elə gərək Anna Petrovna ilə nə tövr aşna oldun? Firudinbəy. Nə borcunuzdur, hər tövr oldum. Qonaqlar. Firudin, mən ölüm, nağıl elə! Firudinbəy. Adama bir yaxşı bakal onun sağlığına çaxır için deyim. (Qonaqlar hamısı şərab töküb “Anna Petrovnanın sağlığına” deyərək içirlər.) İndi deyim: sizin hərəniz bir neçə qədər pul xərc edibsiniz. Amma heç birinizə onunla aşna olmaq mümkün olmayıb. Amma mən bu yolda cəmicümlətanı üç manat altı şahı xərc eləmişəm. Bir gün çox murdar palçıqlı havada küçədə gedirdim. Gördüm Anna Petrovna yubkasının ətəyini yığıb əlinə, istəyir küçənin o tərəfinə keçsin. Bir faytonçuya yanaşıb dedim: qoçağım, nə verim faytonla şıdırğı o xanımın böyründən ötüb onu yıxasan? Faytonçu əvvəl qəbul eləmədi. Sonra onu üç manata razı elədim. Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. O saat üstünü aldım, bir fayton çağırıb içinə yıxıb apardım evlərinə. Ata-anasına keyfiyyəti nağıl elədim, az qaldılar məni duz kimi yalayalar. Bir azdan sonra Anna Petrovna da ayılıb əhvalatı bildi. O gündən mən olmuşam onların evlərinin məhrəmi. Vəlibəy. Afərin, Firudin, afərin, Firudin! Həzərat! Firudin bəyin sağlığına. (Şərab tökür.) Firudin, qardaş, sağ ol. (İçir.) Qonaqlar. Firudin, sağ ol. İçirlər. Əsgərbəy. Camaat, mən sizə iki-üç kəlmə söz demək istəyirəm. Təvəqqe eləyirəm bir-iki dəqiqə zarafatı kənara qoyub, qulaq asasınız. Mürsəlbəy. Buyur, qulaq asırıq. Əsgərbəy. Mən istəyirəm bizim bugünkü yığıncağımızın səbəbini sizə vəz eləyim. Qonaqlar. Qulağımız səndədir, buyur. Əsgərbəy (qalxır ayağa.) Yoldaşlar! O sözlər ki mən istəyirəm sizə deyim, sizin üçün bir təzə şey ola bilməz, çünki hamınız əhli-elm, əhli-savad və qələm, tarixdən baxəbər şəxslərsiniz. Sizə məlumdur ki, keçmiş zamanlardakı Avropa camaatı filcümlə zülmətə qərq idi, elimin işığı cəmi məşriq zəmini münəvvər eləmişdi. Tayifeyi-islam hər bir elmə dara və sənayedən baxəbər idi. Yada gətirin xülaveyiBəni Abbasiyəni, ələlxüsus Harun ər Rəşid əsrini, yada gətirin qarih xülafələrin əsrini. Amma İndi o əsrlərdən və keçmiş elmlərdən bir nişanə müsəlman arasında görmürük. Avropa, elmi müsəlmanın əlindən qəsb eləyib, elm və sənətin cəhətinə dünyaya sahiblik eləyir. Amma islam kor-koranə barmaqlarını yerə sürtə-sürtə özünə rahi-nicat axtarır. Bu bədbəxtliyin səbəbi kİmdir və nədir? Bu barədə danışmağı lazım bilmirəm. Ancaq ürək yanır, ciyər paralanır, göz yaşı nəfəsgahı tutur, hər bir müsəlmanın halətini mülahizə eləyəndə. Hamımıza məlumdur, yoldaşlar ki, qədim hunlər ki, İndi onlara Almaniya tayfası deyirlər, Avropaya gələndə nə sifətdə gəlmişdilər: vəhşisifət, bisərpa, hərəsi bir canavar dərisindən libas geymiş, ev əvəzində hərə biri yer altında bir qazma qayırıb orada vəhşi heyvan kimi zindəganlıq edirdilər. Çıraq ya şam bilmərrə tanımazdılar. O vədə müsəlman tayfasının bəqədir məqdur evləri var idi və heç olmasa evlərində bir piysuzları var idi ki, onunla evlərini işıq eləyirdilər. İndi o vəhşi camaat elektrik işığı icad eləyib, onunla barigaha bənzər evlərini münəvvər eləyirlər. Buna baxanda gərək müsəlmanlar elektrik işığından da gözəl bir işıq ixtira edəydilər. Amma, çifayda... İndi bu cahil tayfa, necə ki sizə ərz elədim, yolu itirib, adam axtarır ki, onun əlindən tutub zülmətdən işığa çıxarda. Bu yerdə də millətin intelegentlərdir. Ona görə mən sizə zəhmət verib buraya çağırmışam ki, biz burada millət üçün bir xeyir iş binası qoyaq. Mənim xahişim budur ki, biz bir cəmiyyət təsis eləyək və o cəmiyyətin adını “Avam arasında savad intişar edən cəmiyyət” qoyaq. Bu cəmiyyətin məramı xırda şkolalar açmaq, camaat arasında ucuz kitablar paylamaq, cürbəcür növlə pullar yığıb fəqir uşaqları böyük şkolalara göndərmək və sair təsisat-xeyriyyə bina etmək olsun. Ümidvaram ki, buraya cəm olan yoldaşlar ittifaq edib bu xeyir işin vücuda gəlməsinə səbəb olacaqlar. Dübarə təkrar edirəm: millətin gözü bizdədir və biz ki, adımızı millət dostları qoymuşuq, onun irəli getməyinə çalışmasaq, bir böyük günah elərik. (Əyləşir.) Qonaqlar (əl vururlar). Bravo, bravo! Sağ ol, Əsgər! Var ol, Əsgər! Firudinbəy. Həzərat, Əsgər bəyin sağlığına, sağ ol, Əsgər! Sağ ol, qardaşım! Hər kəs bu xeyir işdən boyun qaçırsa, ona müsəlman adı qoymaq olmaz. Bu gözəl iş çoxdan lazım idi. Amma bünövrə qoyan yoxudu, yenə sağ ol. (İçir.) Qonaqlar. Sağ ol, Əsgər, sağ ol. İçirlər. Səfərbəy (durur ayağa, əlində şərab). Həzərat! Milləti-islam bu halda bir yetim hökmündədir və məlumdur ki, yetim üçün gərək qəyyum olsun. Amma nə o qəyyum ki, yetimə xəyanət edə, xeyir, o qəyyum ki, həmişə onun dərdinə ağlaya: şadlıq günündə şad ola və qəm günündə qəmxar. Sədd heyf ki, islam qəyyumlarının bu halda çoxusu ona xəyanətkardırlar. O adamlar ki, həqiqət, islamın dərdinə və oduna yanıblar, onları barmaqla sanamaq mümkündür. Mən bu şərabı almışam ələ, içirəm və təvəqqe eləyirəm siz də içəsiniz o şəxslərin sağlığına ki, həmişə millətimizin tərəqqisinə və qabağa getməsinə çalışır və o cümlədən içirəm bizim sahibi-xanə Əsgər bəyin sağlığına...Yaşa, qardaşım, yaşa. (İçir.) Qonaqlar. Bravo, bravo! Sağ ol, Əsgər! İçirlər. Əsgərbəy (ayağa durur). O sifətlər ki bu saat Səfər mənə verdi, mən onların heç birisinə hələliyə özümü layiq bilmirəm. Çünki məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə mənim adım millət qeydkeşi qoyulsun. Doğrudur, millət qəmi, millətin geridə qalmağı həmişə bir od olub mənim ürəyimi yandırır və çox da istəyirəm millətin dadına gəlim, amma bacarmıram. Çünki məsəldir: tək əldən səs çıxmaz. Amma ümidvaram ki, sizin kimi millət dostlarının köməyi ilə mənim tədbirlərim əmələ gələ. Ancaq sizin bu yolda birləşməyiniz bir sərin su olub mənim ürəyimin odunu söndürə bilər. Sizin köməyinizə həmişə ümidvar olub, içirəm sizin hamınızın sağlığına. Allah sizi yoldaşlıqdan əskik eləməsin. (İçir.) Qonaqlar (əl vururlar). Bravo! Bravo! Firudinbəy. Bravo, Əsgər! Vallah, ölsən də üzündən öpəcəyəm. (Sərməst qalxıb Əsgər bəyin boynunu qucaqlayıb üzündən öpür.) Qurban olum sənin kimi qeyrətli müsəlmana. Belə mənim bu yetim canım sənə Qurban olsun. Yoldaşlar, Əsgərin sağlığına! Ura! Əsgərbəy (Firudin bəyi oturdur.). Firudin, otur yerində, daha kifayətdir, mən ölüm daha içmə. Firudinbəy. İçməyim? Baş üstə, Əsgər, sənin kimi oğlun sağlığına ömrün olalı içəsən, yenə azdır. Əsgərbəy. Yaxşı, yaxşı, otur yerində. İmdi, yoldaşlar, mən istəyirəm sizinlə bizim bina qoyduğumuz cəmiyyətin qanunnaməsi və onun mədaxil yolları barəsində söhbət edim. Qanunnaməni mən özüm yazmışam, nahardan sonra oxuruq. Amma mədaxil yolları çox olmağa görə söhbət vacibdir. Səfərbəy. Mədaxil yolunun birini mən bu saat deyim. Firudinbəy (yumruğun stola vurub qalxır). Səfər, dur! Mənim dostum var, mən danışan yerdə gərək heç kəsdən səs çıxmasın. Mən içirəm cəmi millətpərəstlərin sağlığına. (Səfini çağırır.) Ey millətpərəst, idi syuda! (Səfi yaxın gəlir.) Sən millətpərəstsən, yoxsa yox? Səfi. Necə bəy? Firudinbəy. Mən müsəlmanam, ya yox? Səfi. Bəli bəy, müsəlmansan! Firudinbəy. Sən görsən ki, mən yıxılıb ölürəm, kömək eləyərsən, yoxsa eləməzsən? Səfi. Əlbəttə, borcumdur kömək eləyim. Firudinbəy. Vot, znaçit, sən millətpərəst... Stupay! Əsgərbəy. Firudin, mən ölüm, gəl otur, yerində, a kişi, heç sənə çaxır verməli deyil. İki stəkandan sonra ağlın başından çıxır. Səfər, sözünü qurtar. Səfərbəy. Bəli, bir neçə yaxşı mədaxil mən göstərim. Əvvəla, Qurban qoyunlarının dərisi. Hər bir müsəlman ildə kəsdiyi Qurban qoyununun dərisini bizim cəmiyyətə versə, onun pulu ilə neçə-neçə şkolalar açmaq və neçə fəqiri böyük şkolalarda oxutmaq olar... İkimcisi... Vəlibəy. İkimcisini qoyun mən deyim. İkimcisi, o min beş yüz manat nə qədər ki, Anna Petrovnanın yolunda xərc eləyibsən və hamısı da ki, əfsanə gedib, onunla sən üç uşağa tərbiyə verə bilərsən. Səfərbəy. Bu danışıqların buraya nə dəxli var. Mən Anna Petrovnanın yolunda canımdan da keçərəm, biz millət söhbəti eləyirik. Firudinbəy (qeyznak qalxıb). Səfər, bu nə hərf-hədyandır danışırsan? Sən bilirsən ki, Anna Petrovna mənim tanışımdır və onun namusu mənə düşər. And olsun Allaha, başından alıb səni yıxaram yerə, o qədər qarnına təpik vuraram ki, beş hambal səni yerindən durquza bilməz. Səfərbəy. Kəs səsini, itin biri, sən mənim başımdan alıb yıxacaqsan? Vallah, təpənə bir güllə vurram beynin havaya dağılar. (Butulkanın birini atır Firudin bəyə, butulka yerə dəyib dağılır. Firudin bəy qalxır Səfər bəyi birçəkləyir. Hər ikisi yıxılırlar yerə. Qonaqlar ayağa durub istəyirlər onları aralaşdırsınlar.) Evsahibi (daxil olur). A sizə Qurban olum, evim başıma uçdu, bu nə vurhavurdur, nə qalmaqaldır Səfi. Məşədi, heç küy eləmə ki, işin orası deyil, bəylər islamı qabağa aparırlar. Evsahibi. A rəhmətliyin oğlu, nə söyləyirsən, yoxsa sən də keflisən, islamı qabağa aparırlar nədir? Səfi. Sən belə şeyləri başa düşə bilməzsən, avamsan, get evinə. Get evinə. (Dalından itələyib çıxardır.) Firudinbəy (qalxıb). Əsgər, sənin ki evində məni döydülər, sən dinmədin, daha bundan sonra mənim ayağım sənin qapından girməz, xudahafiz. (Çıxır.) Səfər bəy (Əsgər bəyə). Sənin ki evində məni abijat elədilər, daha bundan sonra mən səni tanımaq istəmirəm. (Çıxır.) Mürsəlbəy. Balam, Əsgər, söhbət pis məqama mİndi, daha biz də gedək, bir ayrı gün yığılıb söhbət elərik. Səfi, çıx fayton çağır. (Səfi çıxır.) Axır sən bu Firudinin xasiyyətini bilə-bilə onu buraya niyə çağırırdın? Sən bilirsən ki, o içəndə adamlıqdan çıxır. Əsgərbəy. Xeyr, ondan deyil, o Anna Petrovna sözü işləri xarab elədi. Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Səfi (daxil olur). Ağalar, buyurun, faytonlar hazırdır. Mürsəlbəy. Hələ ki, xudahafiz, inşallah bu günlərdə dübarə söhbət elərik. Əsgərbəy. Xudahafiz. (Qonaqlara bir-bir əl verir.) Siz Allah bağışlayın, vallah, xəcalətimdən üzünüzə baxa bilmirəm. Vəlibəy. Eybi yoxdur, xudahafiz. Qonaqlar çıxırlar və Əsgər bəy də dallarınca. Səfi (tək). Bəli, islam qabağa getdi!.. * * * Ac həriflər Məzhəkə bir məclisdə Əşxas Həsən – kababçı Zərbəli – şagirdi İb rahimbəy – çinovnik Vəli Hüseyn } artistlər Mirzə Mahmud – “ İftira” qəzetinin mühərriri Salman Süleyman } iki yoldaş Lətif Səməd }qonaqlar Əhməd Rza Əhvalat keçir kababçı Həsənin dükanında, bizim əsrimizdə. Kababçı Həsənin dükanı. Beş dənə qırmızı süfrə ilə örtülmüş stol qoyulub, ikisi müqabildə, ikisi dalda, biri ortada. Dükanın iki qapısı var: biri ortadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı. Müqabildə, sağ tərəfdə qoyulmuş stolun dalında üzü camaata tərəf İbrahim bəy əyləşib. Dal stolların birində Lətif və Səməd, ortalıqda Rza əyləşiblər. Hamı çörək yeməyə məşğuldular. Mətbəxdən dəhrə-taxta səsi gəlir. İb rahimbəy (qaşıqla su şüşəsini döyür). Kababçı! Kababçı! Zərbəli (gəlir). Nə buyurursan? İbrahimbəy. Xozeyni buraya çağır. Zərbəli. Xozeyin dolma bükür, nə qulluğun var buyur. İbrahimbəy. Get xozeyni çağır deyirəm sənə, xozeyni çağır. Füzul milləti füzul! Cəld ol! Sürük! (Zərbəli gedir.) Həsən (daxil olur). Bəy nə buyururdun? İbrahimbəy. Yaxına gəl görüm. (Həsən yaxına gəlir.) Nə olub yenə qaş-qabağını turşaldıbsan? Həsən. Heç, elə belə, bazarın kasadlığı ovqatımı təlx eləyib. İbrahimbəy. Ah, mən də deyirəm görəsən nə olub. Adam da dünya malı üçün ürəyini qısarmı? Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq? Məsələn, mən dünən aldığım məvacibi qəpiyinədək uduzmuşam, heç əsla vecimə deyil. Həsən. Onda, görünür, bu gün də bizim hesabı çəkməyəcəksən? İbrahimbəy. Hesabın bura nə dəxli var? Mən sənə neçə borcluyam? Həsən. Bu saat. (Çağırır.) Ay gədə, Zərbəli, Zərbəli! Zərbəli. Bəli! Həsən. Çortkəni bura gətir! Tez! (Zərbəli çox çirkli çotkə gətirib verir, yenə gedir.) Keçmişdən qalıb iki manat altı şahı üç qəpik, bugünkü də iki abbası. Cümlətani eyləyir iki manat on dörd şahı üç qəpik. İbrahimbəy. Iki manat on dörd şahı üç qəpik. Yəni iki manat yetmiş üç qəpik. Həsən. Bəli, iki manat yetmiş üç qəpik. İb rahimbəy. Çox gözəl! Nə az imiş, mən çox bilirdim. İki manat yetmiş üç qəpik. A kişi, Allah bərəkət versin müsəlman aşpazxanasına. Qarnın doyunca yeyirsən, özü də ucuz. O gün bir nəfər yoldaşım məni restorana qonaq aparmışdı. Quzu əti istədim, bir parça gətirdi, heç yarım girvənkə olmazdı. Qiyməti neçə? Manat yarım. Dedim: ay nainsaf uşağı, məgər sizin Allahınız yoxdur? Bizim yerlərdə manat yarıma bir bütöv quzu almaq olar. Deyir ki, bəs nə bilim icarəyə bir belə verirəm, məvacib bir belə, tüstü pulu bir belə... Cəhənnəmə ver, gora ver! Allah bərəkət versin Həsən dayının restoranına, hesabın nə elədi? Həsən. İki manat yetmiş üç qəpik. İbrahimbəy. Çox gözəl. (Əlini şalvar cibinə salıb, əvvəl sağ tərəfə, sonra sol tərəfə, axırda qoltuq cibinə salıb, papiros qutusunu çıxarıb içindən bir papiros çıxardır.) Bir spiçka ver. Həsən (çağırır). A gədə, Zərbəli! Zərbəli (mətbəxdən). Bəli! Həsən. Çor bəli, zəhrimar bəli, vərəm bəli! Spiçka gətir. Zərbəli spiçka əvəzinə maşada od gətirir. İb rahimbəy (yandırıb ayağa qalxır). İki manat yetmiş üç qəpik, xub, sabah çatar. Həsən. A başına dönüm, necə çatar? Ayın iyirmisinə vədə qoymuşdun, ayın iyirmisi də dünən keçdi, gəlmədin, bu gün də belə deyirsən, axı mən də yazığam. İbrahimbəy. Yazığam deyəndə, mənim iki manat yetmiş üç qəpiyimə möhtac deyilsən. Adamsan, deyirəm sabah çatar. Həsən. Bəy, doğrusu, gərək bu gün verəsən, sabaha gözləyə bilməyəcəyəm. İbrahimbəy. Gözləyə bilməyəcəksən, gözləmə! Yerdən çıxardım pulu? Adamsan, sənə dedim ki, olan pulumu uduzmuşam. Həsən. Ay bəy, bəlkə sabah da vermədin, necə olsun? İbrahimbəy. Necə olsun? Sabah olmasın, iki gündən sonra olsun, beş gündən sonra olsun, gələn həftə olsun. Yeməyəcəyəm sənin Həsən (onu qabaqlayır). Bəy, Allahı arada gör, məni incitmə. İbrahimbəy. A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. (İtələyib tez qapıdan çıxır.) Həsən (onun dalınca). Ay bəy! Ay bəy! (Qayıdır, üzünü tutur sair çörək yeyənlərə.) Bu da bəy! Qoyasan axşamadək papağını əyri qoyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yox! Adamla da elə danışır, guya Babaxan sərdarın oğludur! Apar, istəmədim o iki manat yetmiş üç qəpiyi. O da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qoyur. Mirzə Mahmud daxil olur. Həsən. Mirzə, buyurgilən! Nə yeyəcəksən? (Yer göstərir.) Mirzə Mahmud (əyləşir, işarə ilə Həsəni çağırıb yavaşdan qulağına deyir.) Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər. Həsən (ucadan çağırır). A gədə, Zərbəli! MirzəMahmud işarə edir ki, qışqırmasın. Zərbəli (mətbəxdən). Bəli. Həsən (ucadan). Mirzə Mahmud üçün yarım pors kotlet gətir! Zərbəli (mətbəxdən). Bu saat! Zərbəli boşqab, çörək gətirib qoyur. Lətif boşqabı döyür, Zərbəli ora tərəf gedir. Həsən mətbəxə gedir. Lətif. Zərbəli, qoçaq oğlan, gəlsənə mənə bir manat borc verəsən, şənbə günü sənə bir manat altı şahı verim! Zərbəli. Baş üstə, özümdə yoxdur, gedim xozeyndən alım. (Gedir, sonra kotlet gətirib Mirzə Mahmudun qabağına qoyur. Manatı da aparıb Lətifə verir.) Buyur! Lətif (pulu alır). Çox sağ ol. (Çağırır.) Həsən dayı! Həsən (mətbəxdən). Bəli, bu saat! (Daxil olur.) Nə buyurursan? Lətif. Neçə verəcəyik? Həsən. Zərbəli, ağalara nə veribsən? Zərbəli. Bir dənə piti, on dənə lüləkabab. Həsən. Piti iki abbası, lüləkabab da bir abbası, cəmi üç abbası. Lətif. Al! (Manatı verir.) Həsən (pulu alıb artığını qaytarır). Bu da sizin iki abbasınız. Allah bərəkət versin. Lətifvə Səməd. Xudahafiz. Gedirlər. Həsən. Müşərrəf elədiniz, göz üstə gəldiniz. Hüseyn, Vəli daxil olurlar, ikisi də Həsənə yaxınlaşıb, qulağına söz deyirlər. Həsən (ucadan). Xeyr, xeyr, əstəğfürullah, mən, əlhəmdülillah, özüm müsəlman, bura da müsəlman aşpazxanası, mən elə şeyləri burada saxlayamı bilərəm? Qiyamətdə mən nə cavab verərəm? Hüseyn. Mən ölüm, mümkün isə düzəlt, yoxsa biz artist babayıq, onsuz bir tikə çörək yeyə bilmərik. Həsən. Ərz eləyirəm ki, tapılmaz. Vəli (Hüseynə). A kişi, nahaq yerə nə başını ağrıdırsan? Görürsən vermir. Gəl gedək restoranların birisində qaydasınca özümüzü doyuzduraq. Mən dedim mənfəəti müsəlmana verək. Niyə qaradavoy dal qapıdan mətbəxə girəndə tapılar, artist gələndə tapılmaz? Gəl bəri, gedək. İstəyirlər getsinlər. Həsən. Bir geri qayıdın. (Hüseyn, Vəli qayıdırlar.) Təvəqqe edirəm bir adam bilməsin, yoxsa aksız gələr dükanımı kökündən bağlar. Vəlivə Hüseyn. Bu nə sözdür, biz məgər şpiyonuq? Həsən. Onda buyurun mətbəxə. Hüseyn və Vəli mətbəxə gedirlər. Mirzə Mahmud (onları səsləyir). Cənab artistlər! Və l i. Mirzə Mahmud, burada imişsən? Bağışla, sənin canın üçün görmədik. Mirzə Mahmud. Artistin etibarı belədir, ehtiyacı olanda adamı gecəgündüz axtarar, olmayanda arağı tək içərlər. Eybi yoxdur, mən də bu həftə qəzetdə sizin başınıza bir oyun açım ki, bir də səhnə adı eşidəndə gözləriniz xortdamış ölünün gözlərinə oxşasın. Eybi yox! Hüseynvə Və l i. A kişi, sən Allah, oyunbazlıq eləmə. Sən öləsən, görmədik, gəl bəri. Dartıb onu mətbəxə aparırlar. Əhməd daxil olur. Rz a. Di gəl çıx da! Gözləməkdən səni təngə gəldim ki. Budur, yarım saatdır naharı qurtarmışam, dura bilmirəm. Əhməd (əyləşir). Çox danışma, nökəri çağır. Rza (yumruqla stolu döyür, Zərbəli gəlir). Gör ağa nə istəyir, gətir. (Əhmədə) Nə yeyəcəksən? Əhməd. Heç zad yeməyəcəyəm, bu saat nahar eləmişəm. Əgər olsa bir stəkan qəhvə içərəm. Zərbəli. Qəhvə yoxdur, yaxşı təzə dəmlənmiş Popov çayımız var. Əhməd. Bir stəkan tök gətir, açıq elə, özü də dişləmə. Zərbəli. Baş üstə. (Gedir.) Hüseyn, Vəli, Mirzə Mahmud qayıdırlar. Hərəsinin əlində bir parça çörək və bir qədər penir. Mirzə Mahmud öz yerində əyləşir. Hüseyn, Vəli də özgə stulda. Zərbəli bir stəkan çay gətirib Əhmədə verir, sonra gedir Hüseynlə Vəliyə tərəf. Zərbəli. Nə buyuracaqsınız? Hüseyn. Nəyin var yeməyə? Danışıq əsnasında Salman ahəstə daxil olur, qapının ağzında dayanıb qarnını ovcalaya- ovcalaya o yan-bu yana baxır, sonra gəlib qabaqda, sağ tərəfdə qoyulmuş stolun yanında oturur. Zərbəli. Yaxşı lətif piti var, küftə-bozbaş var, kəlləpaça var, kotlet var. Hüseyn. Mənim üçün kəlləpaça gətir. Və l i. Mənim üçün də. Zərbəli. Baş üstə. (Gedir). Süleyman daxil olub Salma nın yanında durur. 216 Süleyman. A balam, sən Salman deyilsən? S a lma n. Dayan, bəs səndə Süleyman deyilsən? Süleyman. Ay sənə Qurban olum, a Salman, bu neçə ildir haradasan? Bircə gəl öpüşək! Qucaqlaşıb öpüşürlər. S a lma n. Bir əyləş görək. (Yumruğu ilə stolu döyür.) Zərbəli (mətbəxdən). Bu saat! (Daxil olub, iki qab kəlləpaça Hüseynlə Vəliyə verir. Sonra Salmanla Süleymanın yanına gəlir). S a lma n. İki dənə piti gətir. Zərbəli. Baş üstə (Gedir). Salman (Süleymana). Bircə de görüm, bu neçə ildə harada idin? Heç səndən bir xəbər gəlmirdi. Süleyman. Sibirdə dəmiryol podratına girmişdim. Bir neçə il yaxşı qazandım. Axırda işim əydi. Əlimdə olanın hamısı çıxdı, ancaq bir yol xərci düzəldib vətənə qayıtmışam. Sən harada idin, nə işdəsən? Zərbəli pitiləri gətirib qoyur. S a lma n. Çörəyimizi yeyək, gedək şəhər bağına. Mənim qəzavüqədərim çox uzundur. Orada nağıl edərəm. Yeyirlər, ahəstə söhbət edirlər. Mirzə Mahmud (hirsli qalxıb stolu bərk döyür.) Kababçı! Kababçı! Zərbəli (daxil olub). Nə buyurursan? Mirzə Mahmud. Bu saat xozeyni buraya göndər? Zərbəli çıxır. Həsən (daxil olub). A mirzə, nə olub belə qışqırırsan? Mirzə Mahmud. Nə olacaq, yaxına gəl. (Həsən gəlir.) Bu nədir? Həsən. Bir şey deyil, ətin damarıdır. Mirzə Mahmud. Dürüst bax, bu, damardır, ya ki siçan quyruğu? Sən məni nə hesab eləyirsən? İndi mən düşünürəm ki, əhali arasında gündən-günə intişarı artan taunun, vəbanın, yatalağın və sair imrazi-misriyyənin səbəbi nədir. Hamısına bais sənin aşxanan tək mənbələrdir. Həsən (üzünü qonaqlara tutur). A sizə Qurban olum, bircə məni başa salın görüm, bu nə deyir? Itəm əgər bunun bir sözünü anlayıramsa. Mirzə Mahmud. Əlbəttə anlamazsan və anlamamağın da təbiidir. Siz loqantaçılar fəqət öz mənafeyi-şəxsiyyətinizi təqib etməkdəsiniz. Odur ki, mənafeyinizə aid olan bəyanatı anlamırsınız. Sən məni tanıyırsan, ya yox? Həsən. Necə tanımıram. Mirzə Mahmudsan da! Mirzə Mahmud. Bəli, Mirzə Mahmudam, necə Mirzə Mahmud? “İftira” cəridəsinin məşhur mühərriri. Mən, əlbəttə, gərək öz hifzisəhhəti üçün müqəyyəd olanları müttəle edəm. İştə, sabah “İftira”nın əvvəlinci səhifəsində yüz sətirdən ibarət bu sərlövhəli məqaləni oxuyursan: “Təxribi-mədəhayixəlayiq, yaxud kotlet içində siçan quyruğu”. O məqaləni oxuyanlar hamısı belə məbdəyi-imrazdan əlbəttə ictinab edərlər. Həsən. Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun. Mirzə Mahmud. Nə dedin? Sən mənim məsləkimi bir nahara satın almaq istəyirsən? Mən sənə o ixtiyarı heç vədə vermərəm. Həsən (artistlərə). Ay ağalar, siz Allah, bunu bir tövr görün rəhmə gətirə bilərsinizmi? Hüseyn. H ə s ə n dayı, buraya gəl. (Kənara çəkir.) Gör bir-iki manatın varmı, ver ağzı yumulsun. Həqiqət, gedib qəzetdə yazsa, gərək dükanını bağlayasan. Həsən. Vallah, bir manat pulum var. Hüseyn. Hər nədir ver, qəbul elər. Həsən (gedib Mirzə Mahmudun ovcuna bir manat basır). Mirzə, təvəqqe edirəm, bunu da papirosa verəsən. Altı baş külfətim var, mənim evimi yıxma. Mirzə Mahmud (pulu atır). Xam xəyal etmə, əzizim! Sən bunu bil ki, qəzet mühərriri, ələlxüsus “İftira” cəridəsinin mühərriri heç vədə öz əqidəsini və məsləkini cifeyi-dünyaya satmaz. Vəli (manatı götürüb verir Mirzə Mahmuda). A kişi, füzulluq nə lazımdır? Yüz sətir yazıb bir manat alacaqsan, bu sənin bir manatın. Nahar da müftə düşdü, dahı nə istəyirsən? Həsən (Salmanla Süleymana). Ay ağalar, siz Allah, siz də təvəqqe edin bəlkə mənə rəhmi gələ. Salman, Süleyman və artistlər Mirzə Mahmudu əhatə edirlər. Rza (Əhmədə). Aralıq qarışıq ikən mən əkilim, sən otur burada. Əhməd. Əkil, eybi yoxdur. Rza gedir. Mirzə Mahmud. Bu dəfə səni bu şəxslərə bağışladım. Bundan sonra təbəxlərə dürüst diqqət edərsən. (Gedir.) Həsən. Baş üstə, can üstə. Şükür Allaha, bir manat pul, yarım pors kotletlə qurtardım. Qonaqlar qayıdıb yerlərində əyləşirlər. Əhməd stəkanı döyür, Həsən ona tərəf gəlir. Əhməd. Al. (Pul verir.) Həsən (pula baxır). Nə verirsən? Əhməd. Nə verəcəyəm?! Bir stəkan dişləmə çay içmişəm, elər bir qəpik, qəpiyini al. Həsən. Bəs yoldaşın yeyən naharın pulu necə olsun? Əhməd. Mən nə bilim necə olsun? Ona da ki, mən borclu deyiləm. Bir stəkan çay içmişəm, borcluyam pulunu verim. Həsən. Bəs yoldaşın necə oldu? Əhməd. Çıxdı. Dedi, bu saat qayırdıram. Qayıdar, pulunu alarsan. (Gedir.) Həsən (çağırır). Zərbəli! Zərbəli! (Zərbəli daxil olur.) A gədə, kor oğlu kor, qonaq durur gedir, xəbərin niyə olmur? Bir çıx gör burada çörək yeyən necə oldu. Cəld! (Zərbəli çıxır.) Ay camaat, bugünkü gün mən nə günah eləmişəm? Kim mənə qarğıyıb? Çörək yeyən qaçır, çörək yeyən qaçır. Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. (Zərbəli gəlir.) Necə oldu? Zərbəli. Usta, getdim yolda ətəklədim, bir qapaz vurdu yıxıldım, mən durunca mindi konkaya qaçdı. Həsən. Yerə soxum səni, qaradavoy çağıra bilmirdin? Yaxşı, get mətbəxə, ay tamam olan kimi səni iti qovan kimi qovacağam! Get. Həsən və Zərbəli mətbəxə gedirlər. Hüseyn (Vəliyə). Yedin, qurtardın?.. Və l i. Qurtardım. Hüseyn. Di başla görək. Vəli (öskürür). A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Hüseyn. Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir? Və l i. Mən anlamıram? Mən özüm tragik olmadım, nə olar. Mən başımın tükü sanı artistlər görmüşəm. Sənin tək dövr-əz həzərat artistin yüzünü çaya susuz aparıb qaytararam. Mazandaranskinin müqabilində sən heç bir milçək də deyilsən. Onun Frans fon Moor rolunda atasını boğmağı sənin cəmi oynamağına dəyər. Hüseyn. Odur ki, heç zad anlamırsan da. Mən Mazandaranski tək adamla səhnəyə çıxmağı öz adıma layiq bilmirəm. Boynun ardından tutub şah damarı sıxmağa boğmaq deyərlər? Odur ki, qırx yaşın var, hələ prostaqsan. Və l i. Hirslənmək lazım deyil. Hüseyn. Necə hirslənməyim? Qanmayıb, danışıb bədənimə od qoyursan. Mazandaranski də artistdir, o da artistdir? Həsən (yaxına gəlib). A başınıza dönüm, sizə nə olub dalaşırsınız? Hüseyn. Heç bir adını artist qoyan, adamı dalda boğmaz. Adamı, bax, belə boğarlar. (Həsənin boğazından yapışıb boğur.) Həsən (qışqırır). A başına dönüm, məni niyə öldürürsən? Ay boğuldum, ay öldüm, qoymayın. (Yıxılır.) Hüseyn (Vəliyə). İndi görürsənmi, heyvan, necə boğmaq lazımdır ki, effekt olsun? Sənin Mazandaranskin mənim əlimə su tökməyə yaramaz. Həsən (ayağa qalxır). Ay canım, məni niyə öldürürsünüz, mən nə günahın sahibiyəm? Hüseyn. Bağışla, Həsən dayı. (Üzündən öpür.) Artist ki qızışdı, daha gözləri yeri-göyü görməz. Mən bu heyvan yoldaşıma səhnədə adam boğmağın qaydasını göstərirəm. Həsən. Yoldaşına teatr qaydası göstərirsən, mənim boğazımın taqsırı nədir? Bəlkə mən öləydim? Hüseyn. Ondan xatircəm ol. Artist adamı elə boğmaz ki, ölə. Mən ölüm bağışla. Elə səndən soruşacağam, Həsən dayı, heç teatra gedibsən? Həsən. Bu il azından yüz dəfə. Hüseyn. Afərin, Həsən dayı! Həsən. Elə gün olub beş dəfə getmişəm. Hüseyn. Neçə, beş dəfə? Teatra bir gündə bir dəfə gedirlər. Düşəndə bir-iki dəfə gedirlər, o da bayramda-zadda. Həsən. Mənim yerimə sən olsaydın, gündə iyirmi beş dəfə gedərdin. Allah evlərini yıxsın rus oyunçularının. Məndən qırx-əlli manatlıq yeyinti aparmışdılar, gedib-gəlməkdən təngə gəldim. Axırda bir on iki manatım da qırıldı onlarda qaldı. Dedim, atalarının əti olsun, qoy aparsınlar. Hüseyn. Bəs heç teatrın içinə girməyibsən? Həsən. Teatrın içində mənim nə işim var? Kasıb babayam, mənim teatrım elə bu aşpazxanamdır. (Gedir.) Və l i. Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Afərin sənin tək tragik artistə. Hüseyn (qeyzlə). Vəli, buna namusa sataşmaq deyərlər. Artistin namusu hər namusa bənzəməz. Mən bunu qəbul eləyə bilmərəm. Gərək bu saat burada mənimlə duelə çıxasan. (Tapança çıxarır.) Bu dünyada gərək ya sən qalasan, ya mən. (Salmanla Süleymana) Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. (Vəliyə) Tapançanı çıxart! Salman və Süleyman durub gəlirlər. Və l i. Mənim əqidəmcə, duel haram bir əməldir. Mən harama mürtəkib ola bilmərəm. Hüseyn. Bəs onda sən qorxaq tülküsən. Tülkünü də gərək tülkü tək öldürmək. Al gəldi. (Havaya bir güllə atır.) Vəli (qışqırır). Ay müsəlmanlar, qoymayın, bu kafir məni öldürdü! Ay haray, ay aman! Həsən (cəld gəlir). A kişilər, niyə bir-birinizi qırırsınız, amandır, Allahdan qorxun, bura qan tökməyin. A gədə, Zərbəli! Zərbəli! Zərbəli. Buradayam, xozeyin! Həsən. A gədə, tez ol, qaradovoy çağır! Cəld ol! Yüyür! Zərbəli qapıya tərəf gedir, Hüseyn qabağını kəsir. Hüseyn. Qayıt geri, yoxsa iti öldürən kimi öldürərəm! Zərbəli mətbəxə qaçır. Vəli isə “ay haray, ay qoymayın”, deyə-deyə dolanır, Hüseyn onun dalınca. Axırda Vəli özünü pəncərədən çölə atır. Hüseyn. Mənim əlimdən sən heç haraya qaçıb qurtara bilməyəcəksən. (Dalınca pəncərədən atılır.) Həsən. A kişilər, görürsünüz? Heç nahaqdan bir-birini öldürüb, qanı tökəcəkdilər dükana, mən də düşəcəkdim işə. Gərək il uzunu işimi-gücümü, dükanımı unudub, divana yol döyəydim. Yaxşı oldu rədd oldular. Kəlləpaçanın da pulu cəhənnəm, tək xatalarını başımdan sovsunlar. Lap dəli imişlər ki! Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Bu müsəlman oyunbazları da onlardan qalmazlar. Bunların hamısını bir qalıbdan çıxarıblar. Qəribə də özlərinə ad qoyublar: deyirlər, biz oyunbaz deyilik, biz “arsız”ıq. Heç belə ad olmaz, arsız ki, arsız. (Gedir.) S a lma n. Süleyman, getməyək? Süleyman. Naharı elədik, tay nə oturaq, dur gedək bağa. S a lma n. Onda çağıraq aşpazı, pulunu verək. (Əlini cibinə salır.) Süleyman. Nə qayırırsan? Elə şey ola bilməz. Naharın pulu məndən çatacaq. S a lma n. Sənin canın üçün, əsla qəbul eləmərəm. Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən aramıza inciklik düşsün? Səni mən göydə axtarırdım, yerdə əlimə düşübsən. Mən ki səni bir dəfə qonaq etməyəcəyəm, nəyə lazımam? Süleyman. Bu dəfə qoy mən verim pulu. Sabah mən sənə qonaq olaram. S a lma n. Mən sənin canına and içmişəm, andımı pozsam adam olmaram. Süleyman. Xub, sözüm yoxdur, tək sənin xatirin xoş olsun, verirsən ver. Salman. Bax belə söylə ki, xoşuma gələsən. (Ciblərini axtarır.) Süleyman, bir iş var axı... Sən öləsən, heç belə yaman işə düşməmişdim... Süleyman. Nə olub? Salman. Nə olacaq, xəcalət çəkirəm deməyə, pul kisəm evdə qalıb. Süleyman. Birdibli deginən pulum yoxdur. Sən öləsən, mənim özümdə də diş qurtlamağa bir quruş tapılmaz. S a lma n. Bəs onda tədbir lazımdır. (Durub Süleymanın qulağına söz deyib əyləşir yerində.) Süleyman. Çox gözəl tədbirdir. Heç belə tədbir olmaz. (Qabı döyür.) Həsən (daxil olur). Nə buyurursunuz? Süleyman. Neçə çatacaq? (Durur ayağa.) Həsən. Dörd abbası. Süleyman əlini cibinə salır. Salman (yaxına gəlib). Heç mümkün deyil, naharın pulu məndən çatacaq. Məşədi, buraya gəl. (Həsənin qolundan tutub səhnənin o başına aparır.) Süleyman. Kişinin sözü bir olar. Demişəm nahara qonaqsan, danışma. (Gedib Həsənin qolundan tutub səhnənin o biri tərəfinə çəkir. Orada cibini qurtdalayır, guya pul çıxarmaq istəyir.) S a lma n. Süleyman, mən ölüm, bu qədim höcətliyindən əl götür. Bu nə xasiyyətdir səndə? (Gəlib Həsənin qolundan tutub o biri tərəfə aparır.) Bəri gəl. Süleyman. Deyirəm qəbul etməyəcəm, inan! Yoxsa aramızda həqiqət, inciklik olar. (Həsənin qolundan tutub o başa aparır.) Buraya gəl! Həsən. A başınıza dönüm, bunun maliyyəti dörd abbasıdır. Hansınız verirsiniz verin, daha məni niyə çaqqal sürütməsi eləyirsiniz? Salman (Həsənə). Məşədi, biz iki dostuq, neçə ildir bir-birimizdən ayrılmışıq. Heç sən də razı olmaginən ki, dörd abbasının üstündə bizim davamız düşsün. Həsən. Allah eləməsin, dörd abbası nə artıq şeydir ki, onun üstündə bir dava da salasınız. Hər biriniz iki abbası verin, qurtarsın getsin. S a lma n. O da olmayacaq. Sən gəl bir şeyi qəbul elə. Biz dəsmalla sənin gözlərini bağlayaq. Hansımızı tutsan, pulu o versin. Həsən. Nə deyirəm, təki sizin aranızda inciklik düşməsin. Həsə nin kəmərindən dəsmalını alıb gözlərini bağlayırlar, sonra qaçırlar. Həsən iki qollarını açıb axtarır. Bu halda Zərbəli mətbəxdən çıxıb Həsənə tərəf gəlir. Həsən (Zərbəlini qucaqlayır). Aha, yaxşı tutmuşam. (Dəsmalı gözündən götürüb, Zərbəlinin başına qapaz vurur). Sən nə əlayağa dolaşırsan, nadürüst məlun! Yolla düz gedə bilmirsən? Yə! (Mat-məhbut o yan-bu yana baxır). * * * Xəyalat Mirzə Fətəli Axundovun təvəllüdünün yüz illik yubileyi münasibətilə yazılmış Bir məclisdə Əşxas MirzəFətəliAxundov Rəşid – onun oğlu Kitabpaylayanşəxs Hatəmxanağa – mülkədar, qarabağlı HacıQara – sövdagər DərvişMəstəlişah – cadugəri-məşhur MollaİbrahimXəlil – kimyagər Nökər – Mirzə Fətəlinin evində Əhvalat vaqe olur Tiflisdə, Mirzə Fətəlinin evində. Mirzə Fətəli əyləşib yazıstolunun dalında. Daxil olur kitabpaylayan şəxs. Mi rzəFətəli. Hə, nə xəbərlə gəldin? Kitabların hamısını paylaya bildinmi? Kitabpaylayan. Nə ərz edim? Elə payladım ki, paylamasaydım ondan yaxşı olardı. Mi rzəFətəli. Necə? Kitabpaylayan. Bir müsəlman kitaba yaxın düşmədi. Hər kəsə verdim, dedi... Mi rzəFətəli. Nə dedi? Kitabpaylayan. Deyə bilmirəm. Qorxuram ovqatınız təlx ola. Mi rzəFətəli. Sən deməmiş də mən özüm anlayıram. Deyiblər, at o yana kafirin kitabını! Belədirmi? Kitabpaylayan. Bəli! Deyirlər kitab oxumaq istəsək, o qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Hətta bir bəy var idi, dedi: “Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə da qədimdən aşnalığım var. Ona deginən ki, o bir ağıllı adam sayılır, eyib deyilmi ki, belə cəfəngiyata qələmini sərf edib, özünü aləm içində rüsvay edir” Bu halda bir hacı üzünü camaata tutub dedi: “Camaat, qaçın bu kitablardan. Əgər bunlar mənfəətli kitablar olsaydı, camaata müftə paylamazdılar. Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb, elə də istəyir camaatı laməzhəb etsin”. Xülasə, bir nəfər kitablara yaxın düşmədi. Mi rzəFətəli. Bəs kitablar necə oldu? Kitabpaylayan. Sabahı günü camaat kitabların üstünə bir halətlə töküldü ki, özüm də təəccüb etdim: dedim, aya, bir gecədə bu təğyir bunlarda haradan əmələ gəldi? Sonra eşitdim ki, bir mollanın təhkirinə görə gəlib, məndən kitabları alıb aparıb odlayıblar və bir qədərini də biri bir manatdan ermənilərə satıblar. Heyf olsun sizin zəhmətiniz, səyiniz. Mi rzəFətəli. Eybi yoxdur. Anlayana nəsihət etmək ağılsızlığa dəlalət edər. Nəsihəti avama, qanmayana edərlər. Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Hamısına mütəhəmmil olmalı. Bizdən qabaq da kişilər gəliblər və millət yolunda çalışıbdırlar. Onları nə müsibətlərə düçar ediblər? Öldürüblər, oda atıblar, kitablarını mənim kitablarım kimi odlayıblar. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. İndi onların qəbirləri ziyarətgah olubdur. Vaxt olar mənim də toxumlarım bar verər. Mən bəlkə o günləri görməyim. Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır. Camaatın avamlığına baxma, mən səpdiyim toxum qabil torpağa səpilib. Mən millətimin gələcəyinə və xoşbəxt günlərinə xatircəməm və bu xəyalla da ölüb gedəcəyəm. Hər bir qaranlığın axırı işıqdır və mənim millətim də yəqinİmdir ki, zülmətiəbədi içində deyil, onun da bir ışıqlı günləri var. O vədə öz babalarının əməllərindən xəcalət çəkib, xeyirxahları ilə bədxahlarını, əlbəttə, tanıyacaqlar. Arzu edərdim ki, mənim tək təkfir olanların qədəri çox olaydı, bəlkə millətin işıqlı günü tez gələydi. (Kitabpaylayana) Zəhmət çəkibsən, yorulubsan, get rahat ol. Kitabpaylayan. Mirzə, mənim zəhmətlərim sizin zəhmətlərinizin yüzdən biri ola bilməz. Millət yolunda zəhmət çəkmək böyük rahatlıq deyilmi? Mirzə Fətəli. Kaş hamı belə anlayaydı! Nə olardı, bizim də sair millətlər tək hər şəhərdə üç-dörd qanan, oxumuş adamlarımız olaydı ki, avama tərbiyə verib tərəqqi yolları göstərəydilər. Bu əyyamda şəhər camaatının ümidgahları axundlar və hacılardır. Kənd əhalisinin ümidgahı bəylərdir. Bunların heç birisi millət üçün çalışmır. Hamısı öz cibləri üçün zəhmət çəkirlər. Utanmırlar, həya eləmirlər, dindirəndə bir məsəl də çəkirlər, deyirlər: “El üçün ağlayan gözsüz qalar”. Heç kəs onlara demir ki, ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun. O qədər ağlayın, canınız çıxınca və bilin ki, sizin millət yolunda kor olan gözləriniz, ağlamayan gözlərin hamısından yaxşıdır! Namərdlər, namərdlər!.. Gözlü ikən korlar!.. Diri ikən ölmüşlər!.. (Kitabpaylayana) Get rahat ol! Kitabpaylayan gedir. Rəşid – on beş yaşında uşaq, rəngi qaçmış daxil olur. Mirzə Fətəli (Rəşidə). Bala, rəngin niyə qaçıb? Rəşid. Ata, yola çıxıram, camaat məni rahat qoymur. Şkolaya gedib gəlincə iki min pis-pis sözlər deyirlər. Deyirlər ki, Mirzə Fətəlinin oğludur, bunun atası bütün müsəlmanların kişilərini, övrətlərini həcv edib. Onun evini dağıdıb, özünü də öldürəcəyik. Bir uşaq da dalımca bir daş atdı, dəysə idi, ölmüşdüm. Yaxşı ki, dəymədi. Ata, bəlkə gəldilər bizi qırdılar? Mi rzəFətəli. Qorxma, bala, heç kəs bizi öldürə bilməz. Sənin atan camaata haqq yolu göstərir. Böyüyüb təvarixdə də görərsən ki, haqq danışanlara nə əziyyətlər ediblər. Nə eybi var, qoy bizə də əziyyət etsinlər. Bir vaxt olar bu yaman danışan adamların övladları mənim zəhmətlərimə qiymət verərlər. Get ananın yanına, naharını elə. Rəşid gedir. Nökər (daxil olur). Ağa, Hatəmxan ağa, budur, çox hirsli gəlir. Mi rzəFətəli. Qoy gəlsin. Nökər çıxır. Hatəmxanağa (daxil olur). Çox sağ ol, mirzə! Çox sağ ol! Biz həmişə fəxr edərdik ki, müsəlmandan da bir nəfər çıxıbdır ki, bu mənsəbə çatıb, sərdara dilmanc olub. Sən də belə? A kişi, sənin atan bir mömin, müqəddəs molla idi. Heç utanmırsan, ata-babanın yolunu itirirsən? Mi rzəFətəli. Qızışma, Hatəmxan ağa! Bircə əyləş, görüm nə deyirsən? Hatəmxanağa. Əyləşməyəcəyəm. Gedirəm, elə bir neçə söz deməliyəm. Mi rzəFətəli. Buyur görək nə deyəcəksən? Hatəmxanağa. Cəmi aləm bilir ki, sən müsəlmanlıqdan çıxıbsan. Oruc bilməzsən, namaz bilməzsən, özün də rus qaydası ilə dolanırsan.Bu sənin öz işİndir, özün bilərsən və Allahına da qiyamətdə özün cavab verərsən. Bircə de görüm sair camaatdan nə istəyirsən? Sənsiz də elə camaat Allah yolunu itirib. Elə biri mənim özüm. Bir nəfər çör-çöp yığan kafir firəngi neçə vaxt evimdə saxlamışam. Evimeşiyim olub murdar. Qab-qacağım hamısı səgdəm. Dahı bundan artıq məndən nə istəyirsən? Yoxsa xahiş edirsən ki, bu ağsaqqal vaxtımda övrətin başından yaylığını alım, buraxım küçələrə? Və ya qolunu qoluma keçirib aparım o Müctəhid bağıdır, nə dağılmışdır, orada ona rusun çayını, qəhvəsini içirdim? Və ya bu ki, mən də qardaşım oğlu Şahbaz tək başımın tükünü uzadıb, iki yana darayım? Zəhmət çəkmə, mirzə! Zəhmət çəkmə! Mən heç vaxt ayağıma çəkmə geyib, küçələrin palçığını evimə gətirmərəm. Heç vaxt hənadan, rəngdən əl çəkmərəm. Yüz sənin tək Mirzə Fətəli gələ, mən bu gözəl əllərimi qoyub qaşıqla xörək yemərəm. Mən dəli deyiləm dörd ağacı bir-birinə calayıb adını kürsü qoyub, Məhərrəm bəyin qırğısı tək üstünə qonam. Ayıbdır, əzizim, özün, yenə deyirəm, hər nə bilirsən elə. Daha müsəlmanların əməllərinə toxunma. Bunun axırı xeyir nəticə verməz. Axırda rüsvayi-cahan olarsan. Mi rzə Fə təli. Hatəmxan ağa! Mən əlimə qələm alanda rüsvayicahan olmağı, təkfiri, föhşü, hətta ölümü qəbul etmişəm. Hər nə deyəcəksən de. Hamısı qəbulumdur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar, sənin oğlun və nəvən anlar. Sən mənə söyürsən, amma sənin oğlun və qəvən mənə rəhmət oxuyacaqlar, yəqin bil. Hatəmxanağa. Mənim oğlum? Mənim nəvəm? Səhv etmə! Mənim oğlum mənim belimdən əmələ gəlib. Mənim oğlum gədafərzənddən doğulmayıbdır! (Qeyzli) Əgər mənim oğlum mən tutduğum yoldan bir qədəm kənara qoya, mənə Allah lənət etsin əgər ona nifrət edib, onu oğulluqdan çıxartmasam. Elə oğlu Allah gərək qiyamətdə donuz sifətində gətirsin. Hələ bunlar hamısı bir kənara, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənar bir adamsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun! Mi rzəFətəli. Haqqın var, Hatəmxan ağa, sənin də cəmi sənə oxşayanların da haqları var. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Hatəmxanağa. Bunlar hamısı heç bir şey deyil, məgərinki ədavət. Əlbəttə, gəda oğlu gəlib bir mənsəb sahibi olanda, bizim tək nəcib bəyləri bəyənməz. Eybi yoxdur, mən də gedərəm cəmi Qarabağın bəylərini yığaram bu yerə, deyərəm: “Ay bəylər, bir nəfər şəkili mollasının oğlu gedib oturub Tiflisdə, hamı biz bəylərdə sataşmamış yer qoymadı. Özümüzü məsxərə edib, övrət-uşaqlarımızı məsxərə edib, dolanacağımıza sataşır, dinimizə, məzhəbimizə əl atır, gərək bu... Əstəğfürullah, yenə ağzıma gələni demişdim... Gərək onun ağzı yumulsun. Onda görərsən başına nə oyun açarlar. (Ayağa durur.) Çiyninə bir qatma bağlayıbsan, elə bilirsən ki, heç kəsin sənə əli çatmaz? Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirim ki, səni birbaş Sibirə itirsinlər. (Gedə-gedə) Biz bəylərin əlinin zərbini sınayarsan, sonra sakit olarsan! M ir zəFətəli. Get, get sahibi-ixtiyarsan. (Çağırır.) Ay gədə, ağanın başmaqlarını cüt edin. Hatəmxan ağa gedir. Mirzə Fətəli qayıdıb özünü kürsünün üstünə yıxır, iki əli ilə başını tutub dirsəklərini bərk stola çırpır. Nökər (daxil olur). Ağa, bir kişi gəlib, sizi görmək istəyir. Deyir Ağcabədidən gəlmişəm, adım da Hacı Qaradır. Mi rzəFətəli. Çağır gəlsin içəri. Nökər çıxır. Hacı Qara (daxil olur). Salaməleyküm! Mi rzəFətəli. Əleykəssalam. Hacı, buyur görək səndə nə xəbər var. Yəqin mənimlə dalaşmağa gəlibsən, belədirmi? Hacı Qara. Nə buyurursan, mirzə, mənim nə həddim var səninlə dalaşam? Amma sənə şikayətim var. Mi rzəFətəli. Kimdən? Hacı Qara. Sənin özündən. Mi rzəFətəli. Mənim özümdən mənə şikayət? Hacı Qara. Bəli! Mi rzəFətəli. Necə yəni? Hacı Qara. Mirzə, bizim qədim haqq-salamımız var və özümüz də çoxdanın müştərisiyik. Neçə dəfə gəlib məndən mal alıbsan. Heç bir dəfə səni aldatmışam? Getdiyim Beytə and olsun, sənə həmişə malın arşınını özgələrdən yarım qəpik aşağı vermişəm. Axır mənim taqsırım nədir ki, sən məni belə məsxərəyə qoyursan? Pulu batan mən, malı tutulan mən, evi yıxılan mən, bəs məsxərədə olan da mən?.. Nə eləyim, a sənə Qurban olum? Rus malı alıram solğun çıxır, qızılbaş malı alıram çürük çıxır. Mal gərək müştərigir olsun. Odur, dükanı doldurmuşam, bir nəfər malın üzünə də baxmır. Guya ələtdən qayırılanların sovxasıdır. Əlacım kəsildi, tamah zor elədi, dedim bu bəylərlə gedərəm Təbrizə, bir qədər firəng malı gətirrəm, bəlkə zərərim çıxa. O da belə getdi. Həm pulum əlimdən getdi, həm özüm rüsvay oldum. Mi rzəFətəli. Bilirsən, Hacı, sən bir ağlı başında kişisən. Özün görürsən ki, xatalı yola gedənin başına nə bəlalar gəlir. O səbəbə mən də sənin keyfiyyətini kitabımda yazmışam ki, xalq oxuyub ibrət edib, halal alışverişi qoyub haramın dalınca getməsin. Hacı Qara. Qələt elərəm, tövbə, tövbə, tövbə! Qurbanın olum, getdim saqqal gətirməyə, bığı da qoydum gəldim. Hər bəydə yüz tümənim batdı. Malım tutuldu, özüm Arazdan keçəndə yıxıldım suya. Bir az qalmışdı batam, öləm. İndi qalmışam ac, əli qoynunda. Mirzə, bir təvəqqem var səndən. Sən bir böyük adamsan, gör bir tövr edə bilərsənmi ki, mənim malımı özümə qaytarsınlar. Mi rzəFətəli. Baş üstə, sizin murov mənimlə aşnadır. Ona yazaram, səy eləsin, sənin malını da özünə qayıtsın və bəylərdən də bir tövr sənin pulunu alıb versin. Hacı Qara. Onda canımı sənə Qurban edərəm. Allah səni müsəlmanlara çox görməsin. Allah oğlunu saxlasın! Mürəxxəs olum. Mi rzəFətəli. Xoş gəldin, Hacı! Bir neçə gündən sonra bir buraya gəl. Hacı Qara. Baş üstə. (Gedir.) Mi rzəFətəli. Get, get... Ehtiyacın olmasa, əvvəl təkfir edən sən olarsan. Dərviş Məstəlişah (qəzəbnak daxil olur). Ya hu, ya həqq!.. (Nacağını yerə vurur.) Sənsən biz Dərviş sinfini məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən? Sənsən cəmi əcinnə taifəsinin mənim itaətimdə olmağını inkar edən? Sənsən mənim Parisi dağıtmağıma inanmayan? Mi rzəFətəli. Nə qışqırırsan, nə istəyirsən? Dərviş Məstəlişah. Heç bir şey! Mənim buraya gəlməkdən muradım sənə öz qüvvətimi sübut etməkdir. Mən sənin bu evini başına uçurdaram, o vədə ağlın başına gələr və inanarsan ki, Parisi də uçurmuşam! Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tar-mar olub başına uçar. Mi rzəFətəli. Səbr et, ağa Dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və kitabımda da səndən yazmağıma peşman olmuşam. Mən bilirdim və etiqadım da bunadır ki, nə qədər siz Dərvişlər və sizing əmsalınız və həmməsləkiniz dünya üzündə mövcudsunuz, nəinki mənim evim, cəmi islam aləmi paymaldır. Doğru deyirsən, hələlikdə sizing qüvvətiniz çox böyükdür və sübutuna da ehtiyac yoxdur. Təvəqqe edirəm buradan gedəsən və məni əfv edəsən. Dərviş Məstəlişah. Belə ki yalvaracaqsan, bəs nə üçün hər hədyanı yazırsan? Bundan sonra adamını tanı! Mirzə Fətəli (çağırır). A gədə. (Nökər daxil olur.) Dərvişi yola sal, getsin. Nökər. Baba D ə r v i ş, buyur. Dərviş Məstəli şah (Mirzə Fətəliyə). Əməlindən peşman olmasaydın, görərdin gününü. (Gedir.) Nökər (Dərvişi yola salıb qayıdır). Ağa! Kimyagər Molla İbrahim Xəlil çoxlu adamla gəlib, istəyir zorla içəri girsin. Nə buyurursan? Mirzə Fətəli. Burax içəri. Nökər çıxır. Molla İbrahim Xəlil (daxil olur). Bəh, bəh, bəh!.. Yaxşı igidin adını eşit, üzünü görmə! Bu sifətdə adamdan məgər ondan artıq əməl baş verəcək?! Bir şəxsin ki, sifətində əsla müsəlmanlıq nişanəsi olmaya, ondan nə gözləmək olar? Mi rzəFətəli. Sözünü buyur, dibaçə lazım deyil. Molla İbrahim Xəlil. Bir de görüm, sənin Allahdan, dindən, imamdan, müsəlmanlıqdan xəbərin varmı? Mi rzəFətəli. Təvəqqe edirəm müxtəsər edəsən. Molla İbrahim Xəlil. Buyur görək sən nə haqla elmi-kimyanı danıb, biz kimyagərləri məsxərə edirsən? Bir elm ki həzrəti Süleyman əleyhissəlamdan qala, onu danmaqmı olar? Məgər sən Xacə Nəsiri- Tusinin elmi-kimyada ictihad yetirdiyini və başqasının çərməkisini qızıl etdiyini oxumayıbsan? Və yainki sən Şeyx Bəhaini danacaqsan? Ya Mir Damadı inkar edəcəksən? Həkim Mir Fenderskidənmi xəbərin yoxdur? Ya risaleyi-Cabir Ənsarini oxumayıbsan? Bunlar keçəndən sonra, məgər mənə bu Tiflisdən verilən kimyagərlik şəhadətnaməsindən xəbərin yoxdur? Kim deyə bilər ki, neçə şahidin yanında Əylis ermənilərinin gəlib məndən əlli pud xalis gümüş apardıqları yalandır? Bunları götürüb məsxərə edincə, nə olardı ki, öz həmşəhrin Şeyx Səlahı çağırıb soruşaydın ki, gözü gördüyünü sənə söyləyə idi? Sən peyğəmbərlərdən qalan elmi danırsan. Ona görə sən layiqi-təkfirsən! Budur, qapıda minlərcə adamlar hazırdırlar. Əgər çıxıb onların gözünün qabağında tövbə eləməyəsən, mən səni təkfir eləyəcəyəm və bilginən ki, ondan sonra dünyada tək qalacaqsan. Bir nəfər sənə salam verməyəcək, bir nəfər sənin xeyir-şərrinə gəlməyəcək və öləndə də bir molla sənin namazını qılmayacaq. Mirzə Fətəli. Ağa! Sən kimi aldatmaq istəyirsən? Sən get Xaçmaz dağlarında Nuxu bəylərini aldat, pullarını al. Kimya nədir? Mən elmikimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Get, nə edəcəksən et. (Stolun üstündən bir dəstə kağız götürür.) Budur bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan danos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən föhş! Get sən də təkfir et, qəbulumdur. Molla İbrahim Xəlil. Görərsən axırını, görərsən! (Çıxır, çöldən səsi gəlir! “Camaat! Bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi”.) Çöldənsəslər. Kafirdir, kafirdir, kafirdir!.. Rəşid (qorxmuş daxil olur). Ata! Bu camaat niyə küyləşir? Yoxsa bizi öldürəcəklər?! Mirzə Fətəli. Qorxma bala, heç kəs bizi öldürməz. (Öz-özünə) Hamı məndən üz döndərib və buna da səbəb mənim həqq yazmağım, həqq danışmağım və camaatın eybini açıq üzünə deməyim. Həqq acı isə də meyvəsi şirin olar! Bəli, İndi mən təkəm və bu təkliyimə də fəxr edirəm. Nökər (daxil olub teleqram gətirir). Ağa! Bakıdan gəlib. Mirzə Fətəli (açıb oxuyur). “Bu saat burada, klubun zalında realnı məktəbinin şagirdlərinin iştirakı ilə sizin “Mərdi-xəsis” adlı komediyanız oynandı. Məktəb şagirdləri Nəcəf Vəzirov, Əsgər Adıgözəlov öz vəzifələrini layiqincə ifa etdilər. Cəm olan əşxasın təvəqqenə görə bu teleqramı sizə göndərib, sizin təsnifatınızın əvvəl səhneyi-tamaşaya qədəm qoymağını ürəkdən təbrik edirəm. Həsən bəy Məlikov”. (Rəşidə) Eşitdinmi, oğlum? Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahıma ki, əkdiyim toxum öz sağlığımda bar verdi. Dünyada çox yaşamağa ümidim yox idi. Çünki bir yandan qocalıq, bir yandan zülmət içində qalmış camaatın dərdi məni əldən salıb. Amma bu teleqram mənim ömrümü on il artırdı. Şükür olsun Allaha. * * * Qırmızı qarı Bir pərdədə (xəyalı) İştirak edənlər QırmızıqarıBirinciqarovulçu Padşahİkinciqarovulçu VəzirRəqqasələr BargahəmələsiQırmızıəsgərlər Kəniz Padşahın qəbul otağı. Müqabilində, qapının hər tərəfində bir qarovulçu,əlində nizə, dayanıb. Taxtın dalından Qırmızı qarı çıxıb, taxtın üstündə əyləşir. Birinciqarovulçu. Taxta əyləşəni görürmüsən? İkinciqarovulçu. Elə bu şəhərdə əhvalatı söylənilən Qırmızı qarı deyilmi? Bu dəqiqə nizəni onun ürəyinə soxacağam. Gözəl fürsətdir. Padşahdan ziqiymət ənam alaram. (Hücum edir.) Ey ifritə, nə vaxtadək sən bu camaatı narahat edəcəksən?! Al nizəni! (İstəyir vursun, qarı əli ilə işarə edir, qarovulçunun əlindən nizə düşür. Qarı qalxıb ahəstə orta qapıdan çıxır. Qarovulçu dalınca baxır.) Birinciqarovulçu (ikinciyə). Mən səni belə qorxaq bilməzdim. Mən bu saat onu öldürərəm. (Qarının dalınca çölə çıxır, məyus geri qayıdır.) Yoxdur, bilmirəm yerə batdı, yainki göyə çıxdı? Nə vaxtadək belə böyük bir hökumət bu qoca qarının əlində aciz qalacaq? Ayaq səsi gəlir, qarovulçular cəld özlərini düzəldirlər. Üzlərini tuturlar qapıya.Qabaqda vəzir, dalınca bargah əmələsi daxil olurlar. Və zir. Siz çoxdanmı buradasınız? Birinciqarovulçu. Bir saatdan artıqdır. Və zir. Otağa kənar adam girməyibdir ki? İkinciqarovulçu. Otaqda heç kəs yox idi. Qəflətən padşahın taxtı üstündə qırımızı libasda bir qarı göründü. Hücum etdik öldürməyə, gözümüzdən qeyb oldu. Və zir. Bu ifritə neçə vaxtdır ki, şəhərin o yan-bu yanlarında görünməkdədir. Yəqin böyük bir hadisə əmələ gətirəcəkdir. Bargahəmələsi. Üç ildir ki, görünməyirdi. Hamı onu ölmüş hesab edirdi. Nə hadisə eləmiş ola bilər? Padşahın canı səlamət, məmləkətdə əminasayiş. Vətən və padşah bədxahları hamısı dəstigir, möhkəm zəncirlərə vurulub. Kənar məmləkətlərdən heç bir afət gözlənmir. Nə ola bilər? Və zir. Beş il bundan qabaq gecələr Qırmızı qarı bargahın qabağında görünürdü. Az çəkmədi ki padşahın ən sevimli arvadı ficətən vəfat etdi. Iki il ondan sonra yenə qarını gecə vaxtı topxana meydanında görüblər. Sübh vəliəhdin şikarda atdan yıxılıb öldüyünün xəbərini gətirdilər. O vaxtdan qarı yox olmuş idi. İmdi yenə gəlib, padşahın bütün halını mütəğəyyir edib. Padşah (daxil olur). Ox!.. O məlun yenə şəhərin küçə və eydanlarında peyda olur. Kİmdir məni onun şərindən xilas etsin? Rəqqasələr oynayır. Və zir. Qibleyi-aləm. Ona heç bir silah kar etməyir. Güllə vururlar, öldürməyir. Xəncər ətini kəsməyir. Hətta bir az vaxt bundan əqdəm qarovulçular qarını həmçinin bu otaqda, sizin taxtınızın üstündə əyləşmiş görüblər. Qarovulçular öldürmək üçün üstünə hücum ediblər, nəhayət, qarı gözdən qayıb olubdur. Padşah. Mənim taxtımın üstündə əyləşmiş görüblər?! Bu təzə xəbərdir. Və zir. Padşahım, ehtiyat ediniz. Padşah. Nə ehtiyat edəcəyəm? Ancaq onu yenə görünməyi oğlumun və övrətimin ölümünü yadıma salıbdır. Halımı pis edir. Neçə gündür ki, qarı şəhərdə görünür? Və zir. Ilk dəfə, cümə günü məscidin minarəsinin birində azan çəkilən vaxt, qarı minarənin üstündə görünübdür. Neçə nəfər fərraş minarənin ayağında onun düşməyinə müntəzir olublar. Oradan qarı düşməyib, minarədən qeyb olubdur. Padşah. Yox, bu nümayişlər mənim xoşuma gəlməyir, əlac lazımdır. Ələlxüsus da mənim taxtımda görünmüş. Daha harada görünübdür? Vəzir. Bir də kəniz nəql edirdi, caharşənbə günü axşam, sizin yatacaq otağınızda görüb. Nə qədər səslənibdir, qarı cavab verməyib. Padşah (hiddətlə). Mənim yatacaq otağımda! Bu saat sən kənizi bura çağır. (Fikir edir.) Mənim yatacaq otağımda?! Və zir. Qibleyi-aləm, təşvişə heç bir səbəb yoxdur. Şükür olsun Allaha, canınız səlamət, hamı məxluq dəstgir. Şəhərlərin izhariübudiyyət xəbərini hər gün eşidirik. Bütün məmləkət sizin ömrünüzə dua göndərirlər. Qorxu heç yerdən ola bilməz. Kəniz daxil olur. Padşah (kənizə). Qarını necə gördün,söylə. Kəniz (dizi üstə çökür). Padşahım, çaharşənbə günü, azan vaxtı rəxtxab düzəltmək üçün sizin yatacaq otağınıza getmişdim. Qapını açan tək gördüm Qırmızı qarı çarpayının başı tərəfində durub, əyilibqalxmaqdadır. Onu görəndə dizlərimə titrətmə düşdü. İstədim qışqıram, qarı mənə bir nəzər ilə baxdı ki, qorxudan nəfəsim tutuldu. Səs çıxara bilmədim. Nazik bir səs ilə xəbər aldım: sən kimsən, burada nə iş görürsən? Mənə heç bir cavab verməyib, otaqdan çıxdı. Dalınca mən də çıxdım eşiyə. Gördüm ki, yoxdur. Dübarə otağa qayıdıb, çarpayının üstündən bir parça zəncir tapdım. (Göstərir.) Padşah. Buraya ver zənciri. (Alıb baxır.) Özüdür, özü! (Kənizə) Dur ayağa mürəxxəssən, gedə bilərsən. (Baş əyib gedir.) Ax, vəzir, çaharşənbə günündən bəri bu zəncir parçası mənə rahatlıq verməyir. Bir qədər gözümə yuxu gedən tək bu zəncir parçası vaqiədə həmin Qırmızı qarının əlində başımın üstündə zınqıldayan görüb həmin dəqiqə hövlnak yuxudan oyandım. Və zir. Qibleyi-aləm, qarının vahiməsi əbəs yerə camaatın ürəyinə düşüb, hamını qara basıbdır. Qarının nə həddi var sizin yatacaq otağınıza girsin və hətta gəlib taxtınızın üzərində əyləşsin?! Padşah. Mənə təsəllimi verirsən? Bəs bu zəncir parçasına nə deyirsən? Bunun mənasını bilmirsən, vəzir? Qarı bu zənciri qoymaqda xəbər verir ki, cəmi zəncirə tutulanların intiqamını səndən alacağam. (Birdən) Mənim dilimdən əmr ver. Məmləkətin hər bir şəhərinə, qəsəbəsinə və kəndinə casuslar göndərsinlər. Hər bir yerdə zərrəcə inqilab nişanəsi görünsə, onun kökünü kəssinlər. (Fikir edir.) Və zir. Qibleyi-aləm, rəiyyətdə üsyan yoxdur. Üsyançılar hər nə var, ərz etdim ki, tutulub. On yeddi kənd top atəşi ilə Yer üzündən süpürülüb, həbsxanalar üsyançılar ilə doludur. Hamısının boyunlarına zəncirlər vurulub, hərəkət etməyə halətləri yoxdur. Padşah. Dayan! Yenə zəncir dedin, zəncir yadıma düşdü, kifayətdir, deyirsən əmniyyətdir? Və zir. Bəli, Qurban. Padşah. Çox gözəl, inanıram sözünə, amma gərək hər təhər olsa Qırmızı qarının dəfi üçün çarə etmək. Nə qədər bu ifritə sağdır, mən rahat olmayacağam. Və zir. Qibleyi-aləm, bu qarı bir sahirədir. Məmləkətin sahirlərini buraya cəm edərəm. Yəqin onun şərrinin dəfi üçün bir əlac tapılar. Siz, qibleyi-aləm, qara fikriləri başınızdan kənar ediniz. Məşğələnizi bir neçə gün eyş-işrətə verin. İnşallah tezliklə sahirlərin qüvvəsi ilə qarı yox olar. Padşah. Gözəl məsləhətdir, əmr ver hərəmxanada olan rəqqasələr buraya cəm olsunlar. Vəzir çıxır, padşah zəncir parçasını alıb baxır. Bu halda Qırmızı qarı qapının ağzında peyda olur. Padşah. Sənsən bu dünyanı qarışdİran məlun! (Qılıncı çəkib, yüyürür qarının üstünə.) Al, məlun! Qarı (əli ilə işarə edir). Dayan, nə sənin və nə də sən tək dünyadakı padşahların qılıncı mənə yara vura bilməz. Mən qırmızı tufan elçisiyəm. O tufan bu saatda Yer üzündə əsməkdədir. Onun qarşısında padşahlar taxtı davam gətirməyib, birbəbir sərnigun olmuşlar. İndi də qırmızı tufan sənin bargahına yaxınlaşmaqdadır. Bu gün, gün batanda sən də gün ilə batacaqsan! (Qarı gedir. Padşah onun dalınca çıxır, məyus qayıdır yerində əyləşir. Rəqqasələr daxil olurlar.) Padşah. Siz gərək bu gün məni lazımınca özünüzdən razı edəsiniz. Xələtin hesabı olmayacaqdır. Xəzinənin ağzını açıb cəmi dövlətimi qara fikirləri başımdan çıxaranlara verəcəyəm. Di başlayın. Rəqqasələr oynayırlar. Vəzir (daxil olur). Qibleyi-aləm, məmləkət əldən getdi. Hər bir yerdən bu saatda xəbər gəlibdir ki, qırmızı tufan məmləkəti bürüyübdür. Tufanın qabağında bir nəfər oğlan, özü də qırmızı libasda! Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Məmanət göstərən də förən yanıb, puç olur. Zəncirlər özü özbaşına qırılıb yerə tökülür. Hər bir yerdə rəiyyət və qoşun onun tərəfinə keçirlər. Tufan bürüyübdür, təbdir lazımdır, tədbir. Padşah. Əmr ver şəhər darvazalarını, bargahın qapılarını və pəncərələrini möhkəm bağlasınlar. Qarovullar öz yerlərində dayansınlar. Vay o adamın halına səhlənkarlıq edə! (Vəzir gedir, rəqqasələri) Dayanmayınız! Bir növ rəqs ediniz ki, ayaqlarınızı qoyduğunuz yerlər lərzəyə gəlsin! (Musiqi çalınır. Rəqqasələr oynayırlar.) Habelə, qoçaqlarım, habelə, iyidlərim. (Bu vaxt ətraf qızarır, ildırım çaxır, gurultu səhnəni tutur, pərdə düşənə qədər gurultu səsi kəsilməyir.) Ax! Qırmızı tufan bargahı bürüdü. Eybi yoxdur, qapılar bağlıdır. Qarovullar yerlərindədirlər. Heç kəsin əli mənə çatmaz! Mən hamıdan qüvvətliyəm, qüvvətli! Ax, yenə bu zəncir səsi gəlir! Nə yaman halətdir! Çalın, oynayın, mən sizinlə oynayacağam! (Rəqqasələr qarışıb oynayırlar.) Gözəl aləmdir! Əcəb aləmdir! Oynayırlar. Padşah bihalət yıxılıb ölür. Qapılar özbaşına açılır. Qabaqca iki cərgə əsgər daxil olub dururlar. Onların dalınca bir nəfər qırmızı libaslı oğlan əlində bayraq qapının arasından daxil olur. Qırmızı Qarı (küncdən çıxır). Qırmızı tufan bu məmləkəti də aldı! İndi daha mənim burada vəzifəm bitdi. Bu məmləkətdən mən İndi başqa məmləkətə gedirəm. Bu cavan nəinki tək bu padşahın, cəmi dünya padşahlarının qənimidir. Onun ismi cavan və insaniyyətdir! (Qarı gedir.) * * * Padşahın məhəbbəti Bir məclisdə Əşxas PadşahSəid ÖvrətiTəlxək VəzirQulam Tacül - üləma Vaqe olur şahın sarayında. Padşah və övrəti. Övrət. Əzizim, əbəs yerə nə olub özünü bu hala salıbsan? Budur, tamam iki həftədir ki, sənin rahatlığın yoxdur. Gecələr gözünə yuxu getmir, hökumət işlərini bilmərrə buraxıbsan. Sən bu vaxtında məhəbbətdən dəm vurursan. Bu məgər padşaha yaraşan sifətdir ki, bir gədanın övrətinə aşiq olub, dərdindən özünü çürüdə-çürüdə yuxunu, çörəyini özünə haram edə? Padşah. Bu danışıqların heç biri mənim qulağıma girən deyil. Sən özün övrət olduqda, buraya bir başqa övrətin gəlməyinə davam etməzsən. Buna rəqabət deyərlər. Bunu bilginən, əgər Səidin övrətini boşadıb almaq mənə mümkün olmasa, bütün hərəmxanadakı övrətləri qırdıracağam səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm. Mən sənə əmr edirəm: Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Səidi də razı etmək vəzirə tapşırılıb. Buna söz yoxdur ki, əsrin padşahıyam. Xahiş etsəm, bir anda Səidin başı boynundan götürülər və övrəti də fövrən hərəmxanaya çəkilər. Amma mən istəyirəm ki, həm mənim xahişim əmələ gəlsin, həm də məmləkətdə ədalətsizlik törəməsin. Get, nə təbdir edirsən et. Övrəti. Sultanım, əzizim! Padşah. Danışma, get, əmrimə itaət tələb edirəm. (Övrət gedir.) Qulam! (Qulam gəlir.) Get vəziri buraya çağır! Qulam baş əyib çıxır. Padşah ayağa durub bir-iki baş, mütəfəkkir, otaqda gəzinir. Sonra pəncərəni açıb təzə havadan nəfəs alıb bir ah çəkir. Vəzir daxil olur. Və zir. Qibleyi-aləm, əmriniz? Padşah. Səidlə söhbətiniz nə yerə müncər oldu? Və zir. Qibleyi-aləm, heç vəchlə razı etmək olmur. Nə qədər nəsihət etdim, qulaq asmadı, hədsiz qızıl təklif etdim, qəbul etmədi. Axırda budur dörd gündür ki, burada zindandadır, quru çörəklə sudan başqa bir şey qoymuram verələr, bəlkə bu növlə razı etmək ola. Amma deyir bu zindanda çürüyüb ölərəm, övrətimi boşamaram. Padşah. Adın vəzirdir, başında ağıl yox, tədbir yox. Get, möhkəm tədbirlər et. Üləmanı cəm elə və onlardan fitva al. Bilirsən mən nə deyirəm? Xəzinənin yarısı lazım olsa, ver, ancaq fitva al! Və zir. Padşahım, üləma necə şəriəti poza bilər, vaxt ki, şəxs öz övrətini boşamaq istəmir. Padşah. Pul versən yol tapılar. Get, nə qədər istəsələr pul ver. Get, təlxəyi mənim yanıma gətir, bəlkə bir qədər mənim fikrimi məşğul edə. Və zir. Qibleyi-aləm! Böyük bir məmləkət sənin təhti-hökumətindədir. Əhalidə cavan qızlar var ki, Səidin övrətindən min dəfə vəcihəlidirlər, gəlin bu xəyaldan daşının. Ax, xudaya, nə olardı, bizim şikar yolumuz Səidin evinin qabağından düşməyəydi və qibleyi-aləm də onun övrətini görməyəydi! Padşah. Get, vəzir, əmrimə itaət et! Təlxəyi göndər gəlsin. Vəzir baş əyib çıxır. Padşah fikrə gedib, ah çəkir. Birdən təlxək “hopp...” – deyib atılaraq içəri düşür, padşah diksinir. Təlxək. Palçıq dizdən, su qurşaqdan, yerdən toz qopar, eşşək ağaca çıxar, camış başını qırxdırar, dəvə dəlləklik elədi. Qarışqa başını qırxdı. Qarışqa bir şıllaq vurdu, dəvənin gözü töküldü. Ha, ha, ha. Padşahım məni söhbətə çağırıb. Padşah. Gəl, gəl, mənim əbləhim, təlxəyim, gəl bir qədər hədyan söylə, bəlkə ürəyim açılsın. O sözü necə dedin? Qarışqa şıllaq vurdu, dəvənin gözü töküldü? Ay axmaq, qarışqa şıllağından dəvə gözü tökülər? Təlxək. Bəli, işlər, tərsinə dönəndə qarışqa şıllağı dəvə gözü tökər. İlanın quyruğunu basarsan, qayıdıb başındakı taca baxmayaraq çalar. Padşahım! Deyirlər, eşq divanəsi olubsan. Heç pis iş deyil. Padşah olub camaat fikri çəkincə, dəli ol, qoy camaat sənin fikrini çəksin. Vallah doğru deyirəm. Məcnun da Leyliyə aşiq idi, gedib meşədə əyləşmişdi, heyvanlarla üns tutmuşdu. Başında quşlar yuva tikmişdilər. Sən də get meşədə otur, başında quşlar yuva tiksinlər, hərdən-birdən Səidin övrətinə quşlardan məktub göndər. Vallahı yaxşı olar. Amma, bəşərt ki, məni də özünlə aparasan. Məsləhət də belədir. Çünki iki dəlinin qiyməti bir dəlinin qiymətindən artıqdır. Padşah (onu çubuqla vurur). Dur, namərbut, rədd ol, dəxi də ovqatımı təlx elədin, get. Təlxək. Qibleyi-aləm! Axmaq sözün doğrusu ağıllı sözün yalanından yaxşıdır. Qəzəbin tutub, qovarsan, mərhəmət üstə gəlib yenə çağırarsan yenə gələrəm. Şirin yalanları buraxıb, acı doğrulardan danışaram. Getdim, hopp, milçək bir şıllaq vurdu, dəvənin gözü töküldü. (Gedir.) Padşah iki əli ilə başını tutub yumruğunu taxta çırpır. Sonra əl çalır. Qulam daxil olur. Padşah. Deginən rəqqasələr gəlsin. Qulam baş əyib çıxır. Rəqqasələr gəlirlər. Musiqi çalınır, rəqqasələr rəqs edirlər. Rəqqasələr gedirlər. Vəzir, Tacül-üləma və həmçinin Səid daxil olurlar. Və zir. Qibleyi-aləm, lazımi tədbir olubdur. Ağayi Tacül-üləma bir növ yol tapıb, ancaq iltifatınız olsa, bir dəqiqəliyə o biri otağa keçəsiniz. Məsələ həll olandan sonra təşrif gətirərsiniz. Padşah gedir. Tacül - üləma. Səid, görünür, sən Allahın ən bədbəxt və kor bəndələrindənsən. Vilayətin padşahı şikara gedərkən sənin övrətini görüb, ona eşq yetirib və əmr edir ki, sən övrətinin talağını verəsən və padşah onu özünə əyal etsin. Amma sən kor bəndə bunu qəbul etmirsən. Axmaq kişi, pul nə qədər istəyirsən verilir, rütbə istəyirsən hazır, məmləkətin gözəl qızlarından hər kəsi bəyənsən sənin üçün alsınlar və məmləkətdə möhtərəm şəxslərin biri ol. Belə bir nemətə sən öz axmaqlığından yaxın durmursan. Budur, neçə gündür zindanda əziyyət çəkirsən, nəyə lazımdır? Gəl, sən öz razılığınla övrətinin talağını ver, padşahi-aləmpənahı da özündən razı sal. Vəzir (S ə i d ə). Bilginən ki, Səid, padşah əmr etsə, səni bir anda yox edərlər. Amma gör, qibleyi-aləm necə rəhmdildir ki, istəmir sənin övrətini zorla alsın. Səid. Cənab vəzir! Ağayi Tacül-üləma! Padşahın mənim malıma, canıma ixtiyarı keçər. Mənim malımı zəbt etdirə bilər, öldürməyə, yandırmağa, dar ağacına çəkdirməyə muxtardır. Amma mənim namusuma heç kəsin əl atmasına haqqı yoxdur. Istər padşah ola, istər rəiyyət. Övrətə talaq vermək mənim ixtiyarımdadır. Mən də ölənə qədər talaq verməyəcəyəm. Və zir. Sən bilginən ki, Səid, sənin övrətin bu saat buradadır. İndi ki sən öz inandında belə möhkəm durursan, övrətin həmişə burada qalacaq, özün də zindanda həmişəlik məhbus olub xörəyin duzlu su ilə quru çörək olacaq. Hər gecə də övrətin padşahın yatacaq otağına aparılmasını sənə göstərəcəklər. İndi ixtiyarın var. Səid. Siz ədalətdən dəm vurursunuz! Buna ədalətmi deyirlər? Xudaya, bir belə insana zülm edərlər? Tacül - üləma. Cənab Səid! Mən vəzirin bu sözlərini heç vəchlə xoşlamıram, çünki vəzir buyuran xilafi-şərr bir əməldir və xilafi-şərr əmələ heç vaxt gərək adil padşah mürtəkib olmasın. Amma mən işin səlahı üçün bir məsləhət görürəm. Sən gəl bu yüngül məsələyə razı olginən, həm padşahın xahişi bir növ əmələ gəlsin, həm sənin övrətin qalsın özündə, əlavə və zindandan qurtar və bir qədər də pul sahibi ol. Səid. Buyurun, ağa! Tacül - üləma. Söz yoxdur ki, sənin övrətin şərən sənin malındır, tamamən sənin ixtiyarındadır. Sənə mümkündür ki, övrətə olan ixtiyarının yarısını padşaha satasan. Əvvəla, böyük məbləğ alarsan və bu satışın nəticəsi bu olar ki, padşah ürəyində sənin övrətinə bir qədər ixtiyarı olduğunu hiss edib, adi halına gələr, məşğul olar məmləkət işlərinə və axırda tədricən ümuratın çoxluğundan sənin övrətinin fikri onun başından bilmərrə çıxar. Sən gəl, səlahi-məmləkət üçün bu yüngül təklifi qəbul et! Səid. Əgər sən övrətimin həmişəlik evimdə qalmasına zəmanət edirsənsə, mən bu təklifi qəbul edirəm. Tacül-üləma. Zəmanət edirəm. Vəzir. Mən də zəmanət edirəm. Cənab Tacül-üləma, siz bu beyişəri zəhmət qəbul edib, yazı vəzifəsini cari edin, mən də gedim padşaha müjdə verim. (Çıxır.) Tacül - üləma (kağızı yazıb verir Səidə.) İmza et. Səid. Siz alimin sözünə etibarən və səlahi-məmləkəti nəzərə alıb, imza edirəm. (İmza edir). Vəzir, padşah daxil olurlar. Padşah əyləşir taxtın üstündə. Və zir. Cənab Tacül-üləma, kağız hazırdır? Tacül - üləma. Bəli cənab, buyurun. (Kağızı verir vəzirə.) Vəzir (oxuyur). Cənab Tacül-üləma öz işini qurtardı. İndi mən öz işimə şüru edirəm. De görüm övrətini aldığın neçə müddətdir? Səid. Üç ay tamamdır. Və zir. Fitvanın mövcibincə, çünki sən ixtiyarının yarısını əlahəzrətə satıbsan, gərək övrətin üç ay padşaha mal olsun. Ondan sonra həmçinin ilin yarısını övrətə sən malik olacaqsan və yarısını padşah. Səid. Nainsaflar! Bimürvətlər! Məgər siz mənimlə belə şərt etdiniz? Cənab Tacül-üləma, məgər sizin fitvanızın nəticəsi budur? Tacül - üləma. Fitvanı belə də imza etmək olar. Səid. Nainsaflar! Canilər!.. Və zir. Səid, çox söyləməyin yeri yoxdur, pul alıb mal satıbsan, danışıq fayda verməz. Əgər fitvanın əleyhinə söz söylərsənsə, qanuna görə qətlin vacib gələr. Səid. Cənab vəzir! Siz unudubsunuz! Bu fitvadan başqa bir fitva da var. O da namus fitvasıdır. O da budur. (Özünü vurur.) Sizin qanunuza görə namusa təcavüz edənə edam cəzası verirlər. İndi mən sizing ixtiyarınızdayam. Mən öləndən sonra da övrətim azaddır. Məhv olsun zülm, yaşasın ədalət! (Padşahın taxtının üstünə yıxılır, ölür.) * * * Qoca tarzən Bir pərdə İştirak edənlər Tarzən. Onunövrəti. Üç nəfər sazəndə. Tarzənin otağı, sadə döşənmiş. Müqabildə bir çarpayı qoyulub. Tarzənin övrəti əyləşib tikişlə məşğuldur. Qapıda taqqıltı eşidib, cəld qalxıb qapıya tərəf gedib açır. Tarzən-qoca ağaca söykənərək daxil olur. Övrəti onun qolundan yapışıb gətirib çarpayının üstündə əyləşdirir. Ta rzən. Bir az su ver içim. Övrət (su verir). A kişi, bu naxoş halət ilə bir belə harada idin? Tarzən. Uzaq getmişdim. Əyləşmişdim bağda, təzə çıxan çiçəklərə, göy otlara tamaşa edirdim. Və özüm-özümə fikir edirdim ki, nə olardı, insan da ələfiyyat kimi qışda yuxuya gedəydi və Bahar gələndə gül-çiçək kimi açılaydı. Uşaqlar şad-xürrəm bağın xiyabanında hər tərəfə yüyürüşüb oynaşırlar. Onlara baxdıqca fikir edirdim ki, xudaya, görəsən bu uşaqların heç fikirlərinə gəlirmi ki, onlar da qocalacaqlar, əlil olacaqlar. İndi vəhşi ceyrantək yüyürən balalar bir vaxt mənimtək əli ağacsız yerdən qalxmayacaqlar. Bir vaxt var idi, mən də uşaq idim, cavan idim... İndi nəyə lazımam? Göz gedib, qol gedib, qabiliyyət gedib. Mən ilə bir çürük ağacın təfavütü yoxdur. Bir gün qəflətən yıxılacam. Və yıxıldım nə olacaq, dünyadan nə əskiləcək, kimə mənim ölməyim təsir edəcək?.. Ox, ox, ox... O tarı mənə ver görüm. (Övrət tarı verir, qoca istəyir çalsın, bacarmayıb qoyur yerə.) Yox, olmadı... Barmaqlarım mizrabı tutmayırlar. Ax keçən günlər! Məndən baş tar çalanmı tapılardı?! Şəhərlərdən teleqraf vurub məni aparardılar. Tarı sinəmə basıb, əvvəlinci mizrabı vuranda bütün camaatın nitqi batardı. Bir adamdan səs çıxmazdı. Çalıb qurtarardım, tarı qoyardım yerə, baxardım tarın təsirindən ayrılmayıb. Mənim rastımı bir zinəfs çala bilməzdi. İndi bir mizrab vura bilmirəm. Mənim başımdan pulu yağış kimi yağdİranlar haraya gediblər? Məni məclislərində görməkdən fəxr edənlər İndi salam da vermirlər. Qəribədir təbiətin qanunu. Heç bir memar öz tikdiyi binanı öz əlilə uçurmaz. Bəs səbəb nədir insan kimi gözəl bir binanı yapan təbiət onu təxrib edir? Mənim halətimə salır. Məni barmağı ilə göstərənlər necə olublar? Haraya gediblər? (Qapı döyülür.) Övrət, dur qapını aç, gərək bizim uşaqlar olsun, bağda gördüm, dedim gəlsinlər, bir az ixtilat eyləyək. Bir tək sənətkar sənətkarın qədrini bilib yaddan çıxartmaz. (Övrət qapını açır, üç nəfər sazəndə çalğı alətləri ilə daxil olurlar.) Gəlin, gəlin, məni gözəl şagirdlərim, ancaq siz məni yaddan çıxartmayırsınız. Övrət. A kişi, bu nə halətdir səndə! Budur üç aydır yorğandöşəkdəsən, bu haləti səndə mən görməmişəm. Gəzib gəlibsən, bir az uzan, yoldaşların səninlə söhbət etsinlər. Yoxsa çox danışmaq səni daha da zəif salar. Ta rzən. Mən özüm də bugünkü halətimi anlamayıram. İstəyirəm çalam, oxuyam, oynayam. Baharın günündəndirmi, havanın xoşluğundandırmı, cəmi İndiyədək yatmış hissiyatım oyanıb. Xub, mən uzanım. (Sazəndələrə) Siz də mən öyrətdiyim rastı çalın. (Uzanır, sazəndələr rast çalırlar.) Ax bivəfa fələk, nə yadıma düşdü: Şamaxıyaylağında yay fəsli, aydınlıq bir gecədə çayın kənarında məclis qurulub. Ay durub başımızın üstündə, işığı düşüb çaya. Göz yaşı kimi çayın suyu şırıltı ilə axır və ayın işığı suya düşüb rəngarəng nəqşlər göstərir. Mən həmin bu rastı çalıram. Çay kənarındakı bağın bülbülləri səssəsə verib tar ilə bahəm oxuyurlar. Mən dayananda onlar da dayanır, mən çalmağa başlayanda onlar da oxumağa başlayırlar. Gecə sakit, məclis guşhuş ilə qulaq verir, guya ay və göyün ulduzları, hamısı öz gərdişindən dayanıb mat-məbhut mənim çalğıma qulaq asırlar. Onda gördüm bir dənə bülbül mənim üstümə gəlib özünü tara çırpıb getdi. Dərhal Mahmud ağa, Allah rəhmət eləsin, qalxıb mənim alnımdan öpüb dedi: “Afərin sənə! Ölmə, yaşa!”. Budur ölməyib yaşayıram, budur ölməyib yaşayıram. (Sazəndələr şikəstəyi-farsa keçirlər. Tarzən hövlnak qalxır.) Çalın, çalın, bu saat dərunimdə başqa bir fərəh, başqa bir ruh hiss edirəm. Mən bu dəmdə qoca deyiləm, cavanam və cəmi cavanlardan cavanam. Çalan siz deyilsiniz! Yox, yox, mən çalıram! O mənim mizrabım, mənim barmağımdır. Bir tamaşa edin, ay enir aşağı, ulduzlar tökülüşürlər, bülbüllərin ağızlarından çıxan şərarələr ulduzların istiqbalına gedirlər. Dürüst baxın... Dürüst baxın! Göyün qapısı açıldı, oradan məlakələr əl çalıb, mənə afərin deyirlər. Eşidirsiniz, eşidirsinizmi? Baxın, bir mürəssə təxt mənim üçün enir. Təxtin hər tərəfindən iki mələk yapışıb. Mələklər əl edib məni özlərinə tərəf çağırırlar. Gəldim, gəldim, ay Allahın gözəl mələkləri, Şərqin ən namdar tarzəni sizə xidmət etməyə hazırdır. Gəlin, götürün məni, çəkin havaya... Əlvida, əlvida, yoldaşlar, daha yer məni görməz, mən göylərə lazım olmuşam, əlvida! (Yıxılıb ölür.) * * * Səhnə Quqbanı Hüseyn Ərəblinskinin vəfatından yeddi il keçməsi münasibətilə Bir məclisdə İştirak edənlər Hüseyn Ərəblinski Dayısı. AnasıYoldaşıVəli – aktyor Vaqe olur Ərəblinskinin odasında. Divardan aktyora lazım olan libas, əsləhə, tac və növbənöv şeylər asılmış. Hüseyn, əlində rol dəftəri, daxil olaraq gah dəftəri oxuyur, gah gəzinərək oxuduğunu əzbərləyir. Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata siz, özünüz təlinə layiqsiniz! Siz qatilsiniz! (Bu sözləri təkrar oxuyur. Bir kürsü gətirib odanın ortasında qoyur. Qoca Mooru kürsü üstündə əyləşmiş zənn edərək danışır.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Guya boğur.) Yox... (Çağırır.) Ana, ana. Anası başını qapıdan içəri salır. Anası. Nə var, ay oğul? Hüseyn. Ana can, bircə dəqiqəliyə gəl bu kürsünün üstündə əyləş. Anası. Nə üçün, ay bala? Hüseyn. Sən mənim canım, gəl əyləş, İmdi bilərsən. Anası. Hələ gör bir az pulun varmı? Günorta gəlib xörək istəyəcəksən. Göndərim bir az ətdən, soğandan alıb gətirsinlər. Hüseyn. Bu saat ət-soğan vaxtı deyil, bir burada əyləş, işim var. Anası. Ay oğul, Allahı sevirsən məni oynatma, yaxamdan əl çək. Hüseyn (anasının qolundan tutub əyləşdirir). Ha belə, əyləş, başını aşağı sal, danışma. Anası. Axır nə eləmək istəyirsən? Lənətləndirilib. Uzaqlaşdırdı. Hüseyn. Bu saat görərsən. Anası. Di kələyin nədir, göstər. Hüseyn (kənara çəkilib birdən anasının üzərinə hücum edir). Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? (Boğur, anası qışqırıb qalxır.) Anası. Ay oğul, amandır, sənə nə yamanlıq etmişəm məni öldürürsən? (Hüseyn gülür.) Amandır, oğul, yazığam, məni öldürmə. Saxlamayırsan çıxım gedim qardaşımın evinə. Hüseyn. Ay arvad, məyər mən səni öldürmək istəyirəm? Adam da öz anasını öldürərmi? Sən mənim yaxşı anamsan, göyçək anamsan. (Üzündən öpür.) Bircə gəl yenə əyləş. Anası. Ay oğul, vallah, sənin ağlın çaşıb. Məni öldürəcəksən. Əyər məni öldürmək xiyalın yoxsa, niyə qışqırıb deyirdin: "Qoca əlil, axirətə kimi sağmı qalacaqsan?". Ya dəli olmusan, ya da ki piyansan. Hüseyn. Piyan-zad deyiləm, ana can, dediyim sözlərə bax. Bu dəftərdə yazılıbdır. Bu mənim rolumdur. Bunu əzbərləyib sonra teatrda oxuyacağam. Yoldaşlardan biri də mənim qoca atam olub kürsü üstündə əyləşəcək. Mən onu boğub öldürəcəyəm. İmdi gərək mən məşq edəm ki, orada yaxşı çıxsın. Boğub öldürmərəm. (Əyləşdirir.) Anası. Ay oğul, sən Allah, yavaş boğ, yoxsa qoca adamam, ölərəm. Hüseyn. Xatircəm ol, ana, boğmaram. Di otur, tərpənmə! (Yenə hücum edir.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! Vəli (daxil olur). A dəli, arvadı niyə boğursan? Anası. Ay oğul, sən gəl bu dəli yoldaşına nəsihət elə. İmdicə məni boğub öldürmüşdü ki, mən teatr çıxarıram. Hüseyn. Nə eləyim, ay Vəli? Frans Moorun rolunu öyrənirəm. Boş kürsü ilə nə qədər çalışdım bir şey çıxmadı. Axır əlacım kəsildi. Qoca Moorun əvəzinə anamı əyləşdirdim. Və l i. Elə iş eləmə. Qoca arvaddır. Xətadır, birdən qızışıb doğrudan yazığı boğarsan, səndən nə desən çıxar. Anası. Elə mən də onu deyirəm. Ay oğul, bunu mən oğul bəsləmədim, canıma bir bəla bəslədim. Evdə yeməyə çörək yoxdur, əlinə düşəni aparıb xəncərə, qılınca, qalxana verir, nə bilim, tac qayıtdırır, nə oyun çıxarır. Guya mənim üçün Yezid şəbihi olacaq. Və l i. Düz deyirsən, ana. Bizim işimiz elə Yəzid şəbihi olmaq kimi bir şeydir. Anası. Zəhmət çəkdiyindən əlinə də bir şey gəlməyir. Budur, sabahdan deyirəm pul ver, bazara göndərim, durub mənimlə Şah Səlim oyunu oynayır. Hüseyn. Eybi yoxdur, ana! Bir neçə vaxt səbr et. Bir vaxt gələr hər yerdə məni barmaqla göstərərlər. Məni küçədə "bığı qırxıq lotu" deyib daşlayan uşaqların hamısı deyəcəklər: ax, biz də böyüyəndə onun kimi olaydıq. Məni evinə qoymayan, məni özünə qohum hesab eləməyən dayım, bir vaxt olar, hər yerdə fəxr edər ki, Hüseyn Ərəblinski mənim bacım oğludur. Mənim dayımın pulu, malı var, mənim qabiliyyətim, bacarığım, iqtidarım var. Ancaq bir azdan sonra özü gedəcək, adı da öləcək; malı, dövləti, pulu da tələf olacaq. Amma Hüseyn Ərəblinskinin adı qiyamətə kimi diri qalacaq. Hər məclisdə sən anamı Hüseyn Ərəblinskinin anasıdır deyib, yuxarı başa keçirəcəklər. Səbr elə, anam, axırda görərsən ki, bu Yezid şəbihi oğlun nə bir oğul olacaq. Belədir, Əbülfət! Və l i. Belədir ki var! Hüseyn. Gör bir manatın varsa, ver buraya, bazara göndərim. Vəli (əlini cibinə salır). Sən öləsən, var-yox bu gün bir manatım var idi. Altı şahısını papirosa vermişəm, on dörd şahısı durur. (Verir.) Hüseyn. Ver buraya, bir bozbaş əmələ gələr. Sən də naharını burada elərsən. Al, ana, göndər bazara. (Anası gedir.) Di gəl əyləş burada, bir balaca məşq edək. Əyləş. Vəli (əyləşir). Frans, ver mənim oğlumu! Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata, siz özünüz təlinə layiqsiniz, siz qatilsiniz!.. Və l i. Vallahi, təlinə layiqəm, öz övladımın qatiliyəm. O, məni özündən artıq sevirdi. Hüseyn. O öldü. Sonrakı peşmançılıq fayda verməz. Ölmək yaxşıdır! Və l i. Frans! Onu təlin etməyə sən məni məcbur etdin. Ver mənim oğlumu! Ver mənim Karlımı! Hüseyn. Məni siz hirsləndirməyiniz. Vallah, sizi tək buraxmaram. Sizi ölüm… ölüm məqamında saxlaram! Və l i. Ver mənim oğlumu! Of! Ver mənim oğlumu! Hüseyn. Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Boğur.) Ölübdür, ölübdür! Bəlkə yatır? Bəli, öylə yatır ki, bir daha onun qalxmağa ixtiyarı olmayacaqdır. (Gözlərini örtür.) Gözlərini örtmək lazımdır. Vəli (qalxır). Sox gözəl! Bərəkallah! Rolu əvəzsiz aparacaqsan. Hüseyn. Sən Allah, əyər bir qüsur gördünsə, de. Hər kəs mənə qüsurumu göstərə, onun başına dolanaram. Dünən gedib Orlenovun oyununa tamaşa edirdim. Zalım balası özgə artistdir. Ondan nə qədər hərəkətlər əxz etmişəm. Hamısı vaxtında lazım olacaq… hələ xəbərin yoxdur ki? Və l i. Nədən? Hüseyn. Atanın goru üstün, atamın goru üçün, Ağa Məhəmməd şah üçün bir tac qayırtdırmışam, bir ata dəyər. (Sandıqdan çıxarır.) Gör bir nə maldır. Vəli (əlində dolandırır). Doğrudan da gözəl tacdır. Elə bil şəkildə çəkilibdir. O yan-bu yanı yoxdur. Bir başına qoy görüm. (Hüseyn tacı başına qoyur.) Bəh, bəh, çox gözəldir. Dayısı (daxil olur). Öl ha! Öl ha! Adə, pəs nə vaxt adam olacaqsan? Bu nədir, şeytan papağıdır, başına qoyubsan? Xələf oğlu Məhəmməd səni qoyub gedincə bir parça daş qoyub gedəydi. Sirinə bax, sifətinə bax! Hüseyn. Dayı, təvəqqe edirəm məni öz halıma qoyasan. Elə bil heç Hüseyn adlı bacıoğlun yoxdur. Dayısı. Adə, necə məni öz halıma qoy? Məgər mən insan deyiləm? Məgər mən abru sahibi deyiləm? Mən bazardan ötüb keçə bilmirəm! Hər görən deyir: “Odur, buğu qırxıq Hüseynin dayısı gedir". Adə, a binamus! A biqeyrət! Ayna qabağında durubsan? Bir sifətinə dürüst diqqət ilə bax! Gör nəyə oxşayırsan?! Adə, kişi də buğlarını qırxdırıb özünü bu sifətə salar? Bığ qırxdırmaq binamusluq, biqeyrətlik nişanəsidir. A binamus, məgər özünə bir peşə tapmayırsan? Gəl mənim kontorumda otur. Xaricilərə verdigim məvacibi artıqlığı ilə verim sənə, padşah kimi dolan! Yoxsa əlinə düşəni apar ver zirzibilə, tax başına, oyunbazlıq elə, adını da iş adamı qoy! Bu da sənətdir? Bu da peşədir? Tfu sənin üzünə! Hüseyn. Sözünü qurtardın? Dayısı. Qurtardım. Necə? Hüseyn. Mən durub sənə sənətimin nə olduğunu nəql etsəm, sən eşitməyəcəksən, eşitsən də anlamayacaqsan! Mən oyunbazam, hoqqabazam, biaram, binamusam, yaxşı! Təvəqqe edirəm buradan düz çıxasan. Dayısı. Adə, nə qələt eləyirsən? Yoxsa istəyirsən təpənə bir güllə vurum orada yatasan? Hüseyn. Səndən onu da gözləmək olar. Mən sənətim yolunda canımı qoymusam. Əvvəl-axır sənin kimi pula Allah deyənlərin biri o güllənin birini mənim başıma vuracaq. Mən hazıram. Nə vaxt istəsəniz məni öldürə bilərsiniz. İmdi isə zəhmət çək, buradan təşrif apar. Dayısı. Binamus, biqeyrət, gör sənin başına nə gətirəcəyəm. (Gedir). Hüseyn. Vəli, görürsən? Küçədə günüm bu, bazarda günüm bu. Əmi, dayı, qohum, qardaş, hamı məndən üz döndərib. Küçədə uşaqlar məni daşlayırlar. Bir gün bu nainsaflar məni öldürəcəklər. Bu mənim yəqinimdir. Amma qoy öldürsünlər. Nə qədər canım sağdır, məsləkimdə möhkəm durmuşam və duracağam. Vəli (əl verir). Hara getsən səninlə varam. İstəyir getdiyin yol ölüm yolu olsun. Hüseyn. Bizim yolumuz batmaz bir günəşə tərəfdir. Qoy kor şəbpərələr öz qaranlıq yuvalarında dünyadan bixəbər yatıb özlərini insane hesab etsinlər. Bir vaxt gələr, kimin insan olduğu məlum olar. * * * Daşçı Musiqili səhnəcik İstəkli qardaşım Hüseynqulu Sarabskiyə otuz sənəlik səhnə fəaliyyəti və yubileyi münasibətilə itthaf edirəm. Ə.Haqverdiyev Küçə. Bir nəfər oğlan, əlində balta, daş yonur və “Muğan” nəğməsi oxuyur.(Sarabskinin öz sözləri) Oğlan (oxuyur) Qafqaz dağlarının geniş ətəyi, Şirvandan Gilana uzanmış Muğan Yerliyi, torpağı, haşyəsi sarı, Yaşıl məxmərlərə boyanmış Muğan... Daxil olurlar: neçə nəfər tacir, alverçi, qoçu. Qoçu (oğlana): Oğlan, sənin səsin xoşdur, Heyf olsun ki, başın boşdur. Hamı: Başın boşdur, ay boşdur, ay boşdur. Canım boşdur, ay boşdur, ay boşdur. Alverçi: Gözəl sövtün alır canı, Eşidənin coşur qanı. Hamı: Coşur qanı, ay qanı, ay qanı, Daşır qanı, ay qanı, ay qanı. Tacir: Səsin vergidi xalıqdan, Ağlın getmiş şor balıqdan. Hamı: Quru balıq, ay balıq, ay balıq, Şorca balıq, ay balıq, ay balıq. Qoçu: Burax daşı, at baltanı bir yana, Qavalı vur qoltuğuna mərdana, Söz verirəm, inan bu igid cana. Qəbul etsən bizdən razı qalarsan, Hər gecədə mincə manat alarsan. Hamı: Qəbul etsən bizdən razı qalarsan. Hər gecədə mincə manat alarsan. Tacir: Kasıblığın dəftərini bükərsən, Qızıl onluqları cibə tökərsən, Özün üçün bir imarət tikərsən. Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Hamı: Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Qoçu: Qoçunun pullu toyuna baxanda, Pul başından dolu kimi yağanda, Yağlı pilov qurşağına çıxanda, Unudarsan düşbərəni, bozbaşı, Gətirməzsən yada baltanı, daşı. Hamı: Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Oğlan (“Aşıq Əsədi” üstündə): Gedin, gedin əl götürün başımdan, Əl çəkmərəm bu baltamdan, daşımdan, Qızıl, gümüş deyil səsim qiyməti, Sizlərdən mən gözləmərəm hörməti. (“Kərəmi” üstündə) Mənə gərək deyil qoçu pulları, Anlamazsız mən tutduğum yolları, Yavuqdadır qiymət verən qardaşım, Əlləri qabarlı məntək yoldaşım. Onun məntək çətin çıxır çörəyi, Amma sizdən çox təmizdir ürəyi. Alverçi: Başın boşdur, bilmirsən xeyri-şəri, Acından olubsan sümük bir dəri, Qapında saxlarsan yeddi nökəri, Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Hamı: (“Aşıq Əsədi” üstündə): Gəlin gedək bunun naxoşdur başı, Canı çıxsın əldə baltası, daşı. Oğlan (tək, işləyir, “Aşıq Əsədi” üstündə): Bir gün gələr dağlarımız gül olar, Kəndli-fəhlə qəlbi fərəhlə dolar. Məhv olarlar sərvətdarlar, qoçular. İşlə baltam, polad baltam, çan baltam, Aman baltam, sultan baltam, xan baltam. Zirzəmidə, quru yerlərdə yatan, Bir zaman ayılar yəqin yuxudan, İstər haqqın sərvətdardan, qoçudan. İşlə baltam, polad baltam, çan baltam, Aman baltam, sultan baltam, xan baltam. Açılacaq məktəblərin qapısı, Savadlanar kəndli, fəhlə hamısı, Sevinəcək hər kəsin var namusu. İşlə baltam, polad baltam, can baltam, Aman baltam, sultan baltam, xan baltam. Bir gün çıxar salar şövqün dünyaya, Yol verilməz heç bir cövrü-cəfaya, Onda çıxar səsim övci-səmayə. Işlə baltam, polad baltam, can baltam, Aman baltam, sultan baltam, xan baltam. * * * == Ağa Məhəmməd şah Qacar == Ağa Məhəmməd şah Qacar Faciə beş məclisdə, doqquz pərdədə * * * Əvvəlinci məclis Əhli-məclis AğaMəhəmmədxanQacar Cəfərquluxan Əliquluxan Mustafaxan }onun qardaşları Mürtəzaquluxan Rzaquluxan Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar Əvvəlinci məclis Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni. Altı nəfər şirazlı. Əvvəlincişirazlı. Xan görəsən nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar edərdi. İk incişirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki, Kərim xanın söhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü. Əvvəlincişirazlı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə, yəqin etginən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə millət və məmləkət mənfəətini mülahizə edib, o tədbirləri tökürdü. Üçüncüşirazlı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rüculiyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Çün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqllə də düşmənə tez qalib olmaq olur, nəinki bir yalnız qoşunla. Ədil şah mərhum olandan sonra Ağa Məhəmməd xanı azad etdilər. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman günündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmranı Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmmədhüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht deyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində, Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazı-aləməcən onun adı tarixlərdə söylənsin. Əvvəlincişirazlı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz, Sali ki, nikust əz bəharəş peydəst. Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma İndi gör burada nə cəlal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın Rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar. Üçüncüşirazlı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən? Yaxşı il baharından bəlli olar. Əvvəlincişirazlı. Onu deyəndə nə olar? Bu saat İran parçaparça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxla əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmranların hamısı bir-birilə müddəidir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığa, yəqin bil ki, az müddətdə hamısına qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu gün-gündən ucalmaqdadır. Qoşunu gəldikcə artır və onun ağlı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?! Üçüncüşirazlı. Yəqin elə bunu mülahizə edib, Şirazdan Mazandarana gəlibsən? Əvvəlincişirazlı. Gəlibsən niyə deyirsən, gəlmişik de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdıra bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmişik. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə. Hamı gedirlər. Ağa Məhəmmədxan (məbhut, pilləkəndən enib, axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqəllahdan qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəşti yazılıb. Mən yəqin etmişəm, o lövhədə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırıb, ona düşmən elədi. İstədilər onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagahan parlaq şöleyi-aləmsuz tək Əfşar arasında asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki, qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki, qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirrirəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir də və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndialəmdən istixasə edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram. Cəfərquluxan (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən? Ağa Məhəmmədxan. Cəfərqulu, sənsən? Yaxına gəl... Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz. Cəfərquluxan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli- Qacar olsun. Amma... Ağa Məhəmmədxan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır. Cəfərquluxan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib. Ağa Məhəmmədxan. Nə xəbər? Cəfərquluxan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq. Ağa Məhəmmədxan. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) Işin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam yenə ürəyim soyumaz. Cəfərqulu xan, Mustafa xan, Əli qulu xan və sərkərdələr daxil olurlar. Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsıznız, açıq deyin, mən də öz təklifimi bilim. Cəfərquluxan (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü pəri qırılandan sonra, bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm. Ağa Məhəmmədxan. Mərhəba, qardaşım! Gəl alnından öpüm. Allah səni məndən ayırmasın. (Cəfərqulu xanın alnından öpür.) Mustafaxan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixlas göstərib. Bain-həmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə Qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar. Əliquluxan. Qardaş, məni Allah təqrir tərəfdən mərhum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən. Sərkərdələrdənbiri (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü Qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki, ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq. Ağa Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-paça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi Irakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm. Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər. Ağa Məhəmmədxan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun. Sərkərdələr. Buyurun, xan. Ağa Məhəmmədxan. Budur ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə İndiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın. Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir. Cəfərquluxan. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək. Mustafaxan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq. Ağa Məhəmmədxan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə. Pərdə İkinci məclis Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir. Mürtəzaqulu xan (uca yerdən baxır.) Afərin, Qacar igidləri! Hər biri bir şir-jəyan tək dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir bu insana oxşamayan xacə, cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə, Ağa Məhəmməd mənim müqabilimdə İndiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın... Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnşallah xeyirdir, inşallah xeyirdir. (Enir aşağı) Qasid (daxil olur.) Xan sağ olsun, müjdəmi ver! Mürtəzaquluxan. Tez ol, de görüm, nə xəbər gətiribsən? Qasid. Xan, Q u r b a n ın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!.. Mürtəzaquluxan. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər nədir, de görüm? Qasid. Yox... Öldürməyiblər... Mürtəzaquluxan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən. Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər. Mürtəzaquluxan. İlahi, mərhəmətinə gündə min şükür! (Qasidə) Tut, bu sənin müjdən. (Bir kisə pul verir.) Buradan get fərraşbaşının yanına. Deginən sənin adını fərraşlar cümləsindən yazsın. Qasid. Allah xanın iltifatını artıq eləsin. (İstəyir getsin.) Mürtəzaquluxan. Dayan bir az, getmə! De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb? Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə Cəfərqulu xan deyir, əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm. Mürtəzaquluxan. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan haləti-nəzdədir. Inşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində təbdir olunar... Sən get. (Qasid baş əyib gedir.) Nə gözəl oldu! Inşallah, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.) Qardaş! Xoş gördük. Eşidibsən: Hər on köhtər ki, ba mehtər sitizəd Çinan üftəd ki, hərgiz bər nəxizəd: Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüşdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahi-filərz deyirlər? Məgər Allah kölgəsi sənin tək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma İndi öz halətinə bax. Qızmış şir tək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir. Ağa Məhəmmədxan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart. Mustafaxan (irəli yeriyir). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulu tək qardaşın varsa, Mürtəzaqulu xanın da mənim tək və Rzaqulu xan tək qardaşları var. Ölüncə vuruşmağa hazırıq. Necə ki, sənin vəhşi heyvan tək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən. Böyüklə dalaşan kiçik elə yıxılır ki, heç bir vaxt ayağa qalxa bilməz. Ağa Məhəmmədxan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər. Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edərəm. İstəyirsən gözlərini çıxart, istəyirsən başını kəsdir. Mustafaxan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm. Ağa Məhəmmədxan. Hər nə edəcəksən et. Yazılan yazılıb. Mürtəzaquluxan. Səni bu halətdə görəndə mən yazılanı oxudum. Mustafaxan. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın. Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə. Qasid (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə. Mürtəzaquluxan. Oğlan, nə danışırsan?! Deginən bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.) Mustafaxan. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (Tez çıxır.) Ağa Məhəmmədxan. Pərvərdigara, səni öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir. Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar. Cəfərquluxan (sərkərdələrlə daxil olur). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adam tək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam. Ağa Məhəmmədxan (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin! Cəfərquluxan. Rzaqulu xanı buraya gətirin. Rzaqulu xanı gətirirlər. Ağa Məhəmmədxan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın! Rzaqulu xanı aparırlar. Cəfərquluxan. Qardaş, buyur bu təllin üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir. Ağa Məhəmmədxan. Əlbəttə lazımdır. Gəl, qardaş, dalımca. İkisi də çıxırlar təllin üstünə. Cəfərquluxan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndialəmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağa Məhəmməd xana) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında İndiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olmayacaq. Ağa Məhəmmədxan. Mərhəba, qardaş! Mərhəba! Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir. Cəfərquluxan. Bunlar nə əsirdirlər? Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik. Cəfərquluxan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm. Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar. Ağa Məhəmmədxan. Bəs mənim namərd qardaşım Mustafa xan? Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununu məğlub olmağını eşidən tək atını minib o qaçandır qaçır. Deyirmiş ki, Rusiya torpağına qaçacağam. Ağa Məhəmmədxan. Mən bu əsiri azad elədim açın qolunu. (Cəfərqulu xana) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazım deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmdarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüurun biridir. Lazımdır qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək. Cəfərquluxan. Çox gözəl fikirdir. (Gülür.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə. Ağa Məhəmmədxan. Gözüm üstə... Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə İndiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl. Çıxırlar təllin üstünə. Cəfərquluxan. Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. Ağa Məhəmmədxan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, Maliki-bil-istiqlalikülli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranini müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parçaparça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram. Cəfərquluxan (dizi üstə çökür). Qibleyi-aləm, əvvəl sənə beyət edən mən və məni istəyən qoşun! Əliquluxan. Qardaş, səltənətin mübarək olsun! Sərkərdələr (ucadan). Payəndə bad Ağa Məhəmməd şah Qacar! Qoşundan səs gəlir. Payəndə bad Ağa Məhəmməd şah Qacar! Pərdə Var olsun. * * * İkinci məclis Əhli-məclis AğaMəhəmmədşahQacar Cəfərquluxan Əliquluxan }onun qardaşları Hacıİbrahimxan – vəzir MirzəCəfərxan – eşik ağası ƏlifxanƏfşar Üç nəfər sərkərdə, qulam və fərraşlar Əvvəlinci məclis Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı İbrahim xan. Ağa Məhəmmədşah Qacar. Şükür olsun Allahın cəlalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranın qələsini möhkəmləşdirib, Tehranı həmişəlik, İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmağı çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmağı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazımınca tanımışam. Hacı İbrahimxan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur. Ağa Məhəmmədşah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyali-xamdır. Fars firqələrinin sərkərdələri heç vədə Cəfər xanın baydağının altına gəlməzlər ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qilüqal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafında düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (Mirzə Cəfər xan daxil olur.) Mirzə! Nə xəbərlə gəldin? Mirzə Cəfərxan. Qibleyi-aləm, budur, sübhdən İndiyədək göftgudur. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib, öz qoşununa tərəf müraciət etdi. Ağa Məhəmmədşah Qacar. Qoşunlar ki, rubəru durublar? Mirzə Cəfərxan. Bəli, Qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə nabud eləsin. Əli xan özündən çox müştəbihdir və onun qürurla danışıb getməyi sərkərdələri və ələlxüsus Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atı tək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, sən tək qəvi padşahın müqabilində Əli xan Əfşar tək adam cürət edib söz danışsın. Qibleyi-aləm! Izin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı! Ağa Məhəmmədşah Qacar. Səbr et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışıq sənə şayistə deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırda qoşunsuz qalarsan. Dava var qılıncla qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm yaz. (Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.) Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə, mənim ürəyim qana dönür. Mənim səltənətimdən, cəlalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardın? Ver buraya. (Qol çəkir.) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma! Mirzə Cəfər xan gedir. Hacı İbrahimxan. Qibleyi-aləm, bu çox böyük təbdir idi ki, sizdən sadir oldu. Afərin belə tədbirə! Ağa Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakətdən qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadar edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqvamının üstündən nəzərimi kəsməyim. Hacı İbrahimxan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xan tək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki, ona İsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz? Ağa Məhəmmədşah Qacar. Məsləhət belə oldu. Hacı İbrahimxan. Məgər İsfəhana ondan layiq hakim tapacaqsınız? Ağa Məhəmmədşah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sirr var ki, aça bilmirəm. Hacı İbrahimxan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düçar olmuşam? Buyurun belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sirri daşa deyəsiniz daş camaata danışa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (Baş əyib çıxır.) Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona, necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermişdim. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı ata tək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durquza bilər. Necə ki, mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona, İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şüru eləyir, nə çağırıram gəlir, nə yazdığım kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinİmdir. İndidən tədbir lazımdır: əlacivaqiə piş əz vüqu, bayəd kərd. (Cağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan təbdirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən məndən rəncidə xatir oldun? Hacı İbrahimxan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidə xatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam. Ağa Məhəmmədşah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana. Hacı İbrahimxan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sifarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə. Ağa Məhəmmədşah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşımdan təvəqqe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünki könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir. Hacı İbrahimxan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olur. (Çıxır.) Baş verə biləcək vaqiənin əlacını baş verməzdən əvvəl etmək lazımdır. Mirzə Cəfərxan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki, qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşununmüqabilində durub kağızı uca sövtlə oxudu. Kağız qurtaran tək Əlixanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki, Əliqulu xan,biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etməyəcəyik. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ağa Məhəmmədşah Qacar. Deyinən buyursunlar. Mirzə Cəfərxançıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur. Əlixan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən vəmənim sərkərdələrim hüzuri-alidən əfv istəyirik. Biz böyük səhvdəimişik. Qibleyialəmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmişik. Mən, mənim ziri-dəstimdəolan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara. Ağa Məhəmmədşah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun elədi. (Çağırır.) Mirzə Cəfər xan! (Mirzə Cəfər xan daxil olur.) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki, padşah qonağına şayistədir hörmət elə buyuruq ver ki, Əli xanın qoşununun hər iyirmi nəfərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get rahat ol. Sən bundan sonra mənim əzizimsən, əziz sərkərdəm olacaqsan. (Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər.) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir... Xudavəndi-aləmin fədiqüdrəti mənim üstümdədir. Böyük dhüşmənin şərrindən qurtardım, İndi qalıb bir para xırda baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayiq şeylər üzə çıxıb köpük olar. Həmçinin İrana tabe bir para xanlar bu növdürlər. (Çağırır.) Qulam! (Qulam daxil olur.) Fərraşbaşıya deginən, bir adam göndərsin Əliqulu xanı buraya çağırsın. Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır. Ağa Məhəmmədşah Qacar. Çağır gəlsin. (Qulam çıxır.) Deyirlər, Kirmanda Lütfullah xan baş qovzayır. Ona tənbih lazımdır. (Əliqulu xan daxil olur). Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmanda daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövməqrəbasını ələ gətirib hamısını ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırdığıma dürüst əməl edəcəksən. Əliquluxan. Padşah hökmü Allah hökmüdür, borcluyam itaət edim. (Gedir. Hacı İbrahim xan daxil olur.) Ağa Məhəmməd şah Qacar. Necə oldu? Hacı İbrahimxan. Xanımı razı elədim, sabah yola düşür. Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar! Pərdə İkinci məclis Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında əyləşib səndəl üstündə. Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda. Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur? Hacı İbrahimxan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldur. Ağa Məhəmmədşah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə? Hacı İbrahimxan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi gün-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı? Ağa Məhəmmədşah Qacar. Səhvdəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölənədək ürəyində ədavət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı də mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir. Hacı İbrahimxan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var? Ağa Məhəmmədşah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayınca yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta öləndə xatircəm ölüm. O düşmənlərini biri Əli xandır və o birisi də bilirsən kİmdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək. Qulam (daxil olur). Qibleyi-aləm, Əli xan gəlib fərmayişə müntəzirdir. Ağa Məhəmmədşah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam. Əli xanı elə rahat eləsinlər. Qulamçıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir. Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar. Qapının dalından Əli xanın səsi gəlir: ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!.. Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (Mirzə Cəfər xana.) Mirzə Cəfər xan, çıx binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylasınlar. (Mirzə Cəfər xan çıxır.) İkinci düşmənim qalıb, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!.. Qulam (daxil olur.) Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini gətiriblər. Ağa Məhəmmədşah Qacar. Deginən içəri girsinlər! (Qulam gedir.) Böyük arzularımın birinə çatdım. (Xalıları və bir torba sümük gətirirlər.) Açın xalını! (Açırlar.) Çox gözəl xalılardır ha, Hacı İbrahim xan! Hacı İbrahimxan. Bəli, Qurban, çox gözəl xalılardır. Ağa Məhəmmədşah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (Fərraşlara.) Götürün xalıları və o sümükləri də aparın mənim yatacaq mənzilimin astanasında basdırın! (Fərraşlar gedirlər.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqalara müyəssər olan ləzzət mən tək padşaha müyəssər deyil. Amma, hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah gələr. Mirzə Cəfərxan (əlində kağız daxil olur). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib. Ağa Məhəmmədşah Qacar. Aç, oxu. Mirzə Cəfərxan (oxuyur). Əlahəzrət şahən-şahi-İran hüzurimübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamısını öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini-əlahəzrət Əliqulu. Ağa Məhəmmədşah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (Mirzə Cəfər çıxır.) Qulam! (Qulam daxil olur.) Sərkərdələr gəliblər? Qulam. Bəli, qibleyi-aləm, gəliblər. Ağa Məhəmmədşah Qacar. Deginən gəlsinlər. (Qulam çıxır, üç nəfər sərkərdə daxil olur.) Nə qədər qoşun hazır edibsiniz? Sərkərdə. Qibleyi-aləm, altmış min nəfər atlı və piyada qoşun hazırdır. Ağa Məhəmmədşah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatricəsinə yazıbdır ki, necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstan tək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm. Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq. Ağa Məhəmmədşah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin. Sərkərdələr baş əyib çıxırlar. Qulam (daxil olur). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin istəyir. Ağa Məhəmmədşah Qacar. Gəlsin, gəlsin. (Cəfərqulu xan daxil olub baş əyir.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, İndi niyə mənim yanıma gəlirsən? Cəfərquluxan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən. Ağa Məhəmmədşah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (Cəfərqulu xan gəlib dizi üstə çökür.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (Alnından öpür.) Cəfərquluxan (qalxır ayağa). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm. Ağa Məhəmmədşah Qacar. Qardaş, səbəb nə idi ki, İndiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin? Cəfərquluxan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?! Ağa Məhəmmədşah Qacar. Bəli, yadımdadır! Cəfərquluxan. Sonra ki, sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənim tək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri, cümlə İranı axtarsan tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm. Ağa Məhəmmədşah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. Iki küsülü arasında barışıq o vədə möhkəm olar ki, heç bir tərəf keçmişi yadına salmaya. Əlini mənə ver, necə ki, sən Qacar davasında əlini mənə verib öz iradətini izhar elədin, mən də bundan sonra gün-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm. Cəfərquluxan (şahın əlini öpür). Qibleyi-aləm, sən mənim böyüyümsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan. Ağa Məhəmmədşah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, İndiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki, Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Cəmaatı üzünə ağ elədi. Ruhaniləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Rəiyyət çü bixəst, sultan dirəxt, Dirəxt, ey pəsər, başəd əz bix səxt. İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın. Cəfərquluxan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhanı elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə, zükurən, ünasən hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama gətirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, inşallah, tezliklə görərsən. Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar. Ağa Məhəmmədşah Qacar. Qardaş, sözünə inanıram. Təzə mənsəbin mübarək olsun! Hacı İbrahimxan. Cənabi-Vala, təzə mənsəbiniz mübarək! Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın! Ağa Məhəmmədşah Qacar. Amin! Di, qardaş, bir keç tamaşa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü də, doğrusu, qoymayacağam bargahdan çıxasan. Gərək bir neçə gün burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim. Cəfərquluxan. Qibleyi-aləm, təvəqqe edirəm ki, izin verəsən, sabah yola düşüm. Ağa Məhəmmədşah Qacar. Özün bil, qardaş, istəyirsən bu gün get. Mane deyiləm. Di get otaqlara tamaşa elə. Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir. Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır. Cəfərquluxan (arxadan). Of... Namərd qardaş! (Əli ürəyində dalı-dalı gəlib otağın ortasında yıxılır.) Hacı İbrahimxan. Bu nə iş idi? Ağa Məhəmmədşah Qacar (ağlayır). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmünə əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sındırdım! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki, bu nəcib bədəni mühəyya eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisimgörsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında Qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədəni. Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər. Hacı İbrahimxan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək, qoşun nə növ baxacaq? Ağa Məhəmmədşah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin. Sonra bilsə də eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəsli həmişəlik İranda salamat padşahlıq edəcək. Pərdə * * * Üçüncü məclis Əhli-məclis AğaMəhəmmədşahQacar İkinciIrakli – Gürcüstan padşahı Yuhan – onun nəvəsi, şahzadə TavadAmilaxvari – katib, sərkərdə. TavadOrbeliani TavadMuxrani TavadKeyxosrovAveliani }gürcü sərkərdələri TavadÇavçavadze TavadMaçabeli TavadSereteli – İmeretiya qoşununun sərkərdəsi Sadıqxan – İran atlı qoşunun sərkərdəsi Sərkərdələr, elçilər, pişxidmət və qoşun adamları Əvvəlinci məclis Tiflis. İkinci İraklinin bargahı. Irakli əyləşib səndəl üstündə, yanında sərkərdələr və katib. İkinci İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynaşır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabaği arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandrı qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (Katibə) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığı kağızı oxu, camaat qulaq assın. Tavad Amilaxvari (oxuyur). Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücumlarından Qarabağın camaatı və qoşunu bilmərrə zəifləşib, bain-həmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı iyirmi min qoşunla burada qoyub, qalan qoşunumuzla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər edirəm ki, İrəvanın ətrafında dörd min qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, Irəvandan bilmərrə qoşunu götürəsən. İkinci İrakli. Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz şəhərin ətrafının möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım imperatriçədən təvəqqe etsin ki, lazım olan vaxt bizə üç min qoşun köməkliyi etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazıb. Imperatriçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (Kağızı mizin üstündən götürüb verir katibə.) Oxu! Tavad Amilaxvari (oxuyur). Min yeddi yüz doxsan üçüncü ildə may ayının otuzunda dövləti-əliyyeyi-Rusiyanın şurası əlahəzrət imperatriçeyi-küll-Rusiyanın fərmanına itaət edib, Gürcüstan padşahı İkinci Iraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: Iraklinin Rusiya dövlətinin təht-himayəsində olmağına görə və Ağa Məhəmməd xanın gün-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin. İkinci Irakli. İndi həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki, bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni biriki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında min yeddi yüz doxsanıncı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırdı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (Gedir.) Tavad Orbeliani (birinci sərkərdə). Heç ürək qısmaq lazım deyil, Allah kərİmdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən necə peşman edərlər... Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (Gedir.) Tavad Muxrani (ikinci sərkərdə). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırdırlar. Tavad Keyxosrov Aveliani (üçüncü sərkərdə). Doğrudur, İranın qoşunu Rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən qayıdıb qaçdılar. Tavad Çavçavadze (dördüncü sərkərdə) Şəhərimiz möhkəmdir. İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidvaram ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murümələx tək dağıdacağıq. (Top atılır). Bu nə top səsidir? Tavad Muxrani (pəncərədən baxır). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (Sərkərdələr gəlib baxırlar.) İmeretiya qoşunu dünyanı tutub. Qabaqda Zöhrab Sereteli şiri-jəyan tək gəlir. Toplar şadlıq topudur! Tavad Keyxosrov Aveliani. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil durarlar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (Top atılır.) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu cəlalı görəydi! Yəqin qorxudan qaçağı Tehranda bənd alardı. Tavad Çavçavadze. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünərli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müştəbihdir. Onun yeri həmişə qapı ağzında olub, yenə orada olar. Tavad Muxrani. Görəsən, qoşun nə qədər olar? Tavad Çavçavadze. Mənim gözümə görünən, gərək on mindən az olmaya. Tavad Muxrani. Mən də belə güman edirəm. Şeypur səsi gəlir. Tavad Sereteli (daxil olur). Gürcüstanın qəyur sərkərdələrinə salam olsun! Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin! Tavad Sereteli. İnşallah, xeyir olar. Gürcüstana səkkiz min oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətən yolunda canından keçmiş. İkinci İrakli (daxil olur). Əziz qardaşım İmeretiya padşahı Solomonun qəyur qoşununu və onun qəyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm! Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuripadşahayetirməkdə özümü xoşbəxt hesab edirəm! (Dizi üstə çöküb kağız verir). İkinci İrakli (oxuyur). Əziz qardaşım Gürcüstan padşahı İkinci İrakliyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstana tərəf yaxınlaşmaqda olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu birləşib bu gələn bəlanı tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (Katibə) Tavad, bir yaxşı Rizaməndlik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (Gəlib baş əyib gedir.) Sən də, Tavad, get rahat ol, qoşun da bir neçə gün rahat olsun. Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa. Pişxidmət (daxil olur). Gəncədən, ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir. İkinci İrakli. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (Pişxidmətə) Elçiyə deginən gəlsin. (Pişxidmət çıxır.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!.. Sadıq xan elçi sifətində daxil olub, baş əyir, kağızı verir. Sadıqxan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmətinə gətirmişəm. İkinci İrakli (kağızı verir sərkərdəyə). Oxu! Tavad Amilaxvari (oxuyur). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi İkinci İrakliyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri İndiyədək İran şahlarının təhtihimayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görüblər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaatı kamal-asayişlə dolanıblar. Səbəb nədir ki, sən İrakli bizim sayəyimərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmır. Bunu yazmaqda qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidvar olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də sən İrakli, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə olub, mənim iltifatıma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İrakli olacaqsan. Çünki mən səksən min qoşunla Gürcüstana qonaq gəlirəm. İkinci İrakli (kağızı alır, sonra elçiyə). Get, öz şahına deginən, çox da öz zoruna məğrur olmasın! Nəinki səksən min, bəlkə yüz səksən minlə gələ, yenə ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiya tək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura bilər... Sadıqxan. Mürəxxəs olum...Vali sağ olsun! Qorxuram dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən çıxan günün hərarətinə davam etməyə. İkinci Irakli (ayağa qalxıb). Get, hər nə dedim öz şahına yetir. Xoş gəldin. (Elçi çıxır.) Siz Allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişxidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnədində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (Ağa Məhəmməd şahın kağızını cırır.) Tarmar olasan sən, ey çərxigərdun! Qara yas libasına dönsün sənin buludların! Gurultun cəlalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağılan yetimlərin ahının şöləsi olub, səni yandırıb puç etsin! Puç, puç!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülən anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağalmaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf fələk! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax, belə fərman, belə fərman! (Ağa Məhəmməd şahın kağızının parçalarını tapdalayır.) Tavad Sereteli (irəli yeriyir). Padşah sağ olsun, darıxdırmayın ürəyinizi, sizin bu səngərdə hirslənməyin sizə ziyanı var. Allah kərimdir, ümidini Allaha bağla. İkinci Irakli. Əlbəttə, Gürcüstanın Allahı böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşununun qabağında pay-piyada qoyun sürüsü tək İsfəhana gedə. Mənim əvvəl ümidim Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə Qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeridir! Namus! Namus! (Bihalət yıxılır səndəlin üstünə.) Pərdə İkinci məclis Tiflisin ətrafı. Pərdə qalxanda bərk top-tüfəng səsi gəlir. İkinci İrakli uca yerdə durub, yanında Tavad Amilaxvari, Tavad Maçabeli və üç ayrı sərkərdə. İkinci Irakli. Qoşun şir tək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağa Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani deyəsən acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun. Sərkərdələrdən biri gedir. Tavad Amilaxvari. Padşah sağ olsun, biz qoşunu üç dəstə etmişik. İranın qoşunu on dörd dəstə olub. İkinci Irakli. Gürcüstan qoşunu hamısı canından keçib. Canından keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa, davam edə bilməyəcək. Ələlxüsus Sereteli səkkiz min qoşunu ilə dalda durub, hər anda özünü köməyə yetirməyə hazırdır. Tavad Amilaxvari. Padşah sağ olsun! Bir söz demək istəyirəm. Amma dilim gəlmir. İkinci Irakli. Nə olub? De görüm! Tavad Amilaxvari. Solomon padşah bizə xəyanət edib. İkinci Irakli. Necə, xəyanət? Tavad Amilaxvari. Göndərdiyi qoşun cümlətanı iki min adammış. Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağıdıb imiş ki, çox görünsün. Bu gecə özü də, qoşunu da çıxıb qaçıblar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ötüblər. İkinci Irakli. Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (Sərkərdəyə) Tavad Maçabeli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamıya ürək ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürəklə dava eləsin. (Maçabeli gedir.) Ey bivəfa Solomon! Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir. İkinci Irakli (ucadan). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayrağı ələ keçdi, budur gətirirlər. Ay sənə Qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Daviə bir atlı göndər, desin topların bir neçəsini dağın başına çəkib, İranlıları təngləşdirsin. Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır. Tavad Maçabeli (üç bayraq gətirir). Şahzadə Yuhan tərəfindən padşahın xaki-payinə bu üç İran bayraqlarını yıxıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlar tək sənin xaki-payinə yıxılacaq. Orbeliani (bir nəfər qoşun əhli özünü yetirir). Padşah sağ olsun, evimiz yıxıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, on iki min Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır. İkinci Irakli (ucadan). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (Qılıncı çəkib enir.) Tavad Amilaxvari (İraklini saxlayıb). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, millətə lazımdır. İkinci Irakli. Millət əldən gedəndən sonra, mənim vücudumun qalmağının faydası yoxdur. (Özünü vurur qoşuna, sərkərdə dalınca.) Yuhan (gəlib təllin üstünə çıxır). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir görürəm? Deyəsən babamı İranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram tutalar! Gərək mənim üstümdə qalan üç yüz qoşun da yox ola ki, babam əsir ola! (Nərə vurur.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (Qılınc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan Iraklini gətirir). Baba, yaralanmayıbsan ki? İkinci Irakli. Yox, bala, yaralanmamışam. Niyə qoymadın məni öldürələr, vətəni bu halətdə görməyim?! Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan! İkinci Irakli. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə maehtacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon! Gedirlər. İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə. Ağa Məhəmmədşah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseynxanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirüzəbər edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma, məbadə kəlisalara əl vurasınız... Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq hər nə ələ keçsə əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə. Sadıqxan. Baş üstə, qibleyi-aləm! Ağa Məhəmmədşah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy Irakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur? Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir. Ağa Məhəmmədşah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, Irakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını. Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı İkinci İrakli tərəfindən xidmətinizə məktubdur. Ağa Məhəmmədşah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən, gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin. Gürcüstanelçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah, namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək. Ağa Məhəmmədşah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyİndir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin! Pərdə * * * Dördüncü məclis Əhli-məclis AğaMəhəmmədşahQacar HacıIbrahimxan – vəzir ŞahruxRzaquluMirzə – Nadir şahın oğlu SərdarMustafaxan – irəvanlı. Cavadxan – gəncəli Sadıqxan Hüseyn xan } sərkərdələr Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar Əvvəlinci məclis Muğan səhrasında Ağa Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan, Sadıq xan, Hüseyn xan. Cavadxan. Şahın fikri görəsən haradır? Qarabağdır, ya Xorasan? Mustafaxan. Qarabağla hələ şahın işi olmayacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq. Cavadxan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin İndi Gəncə, İrəvan xanlıqları da Gürcüstan tək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn otuz min əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm. Mustafaxan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü. Sadıqxan. Şahın iltifatından mən də şaki ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam! Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi kar gördük. Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cavahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar. Sadıqxan. Metsxet ki, dağıldı və biz də ki, qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür. Hüseyn xan. Nə faciə? Nağıl elə görək. Sadıqxan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki, burada nə qayırırsınız və bu yapıncı altında yatan kİmdir? Erməni bir dərin ah çəkib cavab verdi ki, bu şəxs bir böyük vücud idi. Qırx il bunun adı cəmi məşriqzəmində ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı İkinci İraklidir. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm. Mustafaxan. Bəs niyə əsir eləmədin? Sadıqxan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən şah gəlir. (Gedir.) Mustafaxan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək. Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil. Gedirlər. Ağa Məhəmmədşah Qacar (Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər. Hacı Ibrahimxan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub. Ağa Məhəmmədşah Qacar. Mən ki o hakimi zülmünə görə əzl eləmişdim. Hacı İbrahimxan. Bəli, Qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbarialiyə gəlib. Ağa Məhəmmədşah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı? Hacı İbrahimxan. Bəli, Qurban. Ağa Məhəmmədşah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, Irəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlar tək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb? Hacı İbrahimxan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı: Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd. Əgər məni saxlayan mənim tanıdığımdırsa, o, şüşəni dağın bağrında saxlaya bilər. Ağa Məhəmmədşah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir. Hacı İbrahimxan. Bəli, Q u r b a n. Onun təbinə və kamalına söz ola bilməz. Ağa Məhəmmədşah Qacar. Buyur sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrüx bizim müqabilimizə çıxa bilməyəcəklər. Sadıqxan. Qibleyi-aləm, biz hamımız İndiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm. Ağa Məhəmmədşah Qacar. De görüm, Sadıq xan. Hacı İbrahim xan daxil olur. Sadıqxan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyiacizanə edirik ki, əlahəzrətişahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin. Ağa Məhəmmədşah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də İndi sizə bəyan edərəm. (Vəzirə) Hacı İbrahim, tacı və qılıncı gətir. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm. Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik. Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın qabağında. Ağa Məhəmmədşah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvi tək padşahın bərabəri olam və padşah İsmayıl tək islama rəvac vermiş olam. Amma İndi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini sübut edir. Farsistanın, Hİndistanın, Türküstanın və Əfqanıstanın. Mən İndiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (Cıqqanı başına sancır.) İlahi, vətəni bəliyyatdan hifz elə! Salamat olsun vətən, salamat olsun İran! Hacı İbrahim xan və sərkərdələr (bərabər). Qibleyi-aləm, tacınız mübarək olsun! Sadıqxan (uca yerdən). Ey İranın Rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün, Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar! Tüfəng atılır, qoşundan səs gəlir: payəndə bad Ağa Məhəmməd şah Qacar! Pərdə İkinci məclis Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan. Hacı İbrahimxan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi. Sadıqxan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər? Hacı İbrahimxan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: pərvərdigara, sən şahı bəladan saxla. Sadıqxan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz. Hacı İbrahimxan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə. Sadıqxan. Bu nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?! Ağa Məhəmməd şah Qacar (daxil olur). Sadıq xan, get Şahrüxü buraya gətir! (Sadıq xan çıxır.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir. Sadıqxan (Şahrüxü gətirir). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrüx Rzaqulu Mirzə. Ağa Məhəmmədşah Qacar. Yaxına gəl, qoca. Şahrüx. Kİmdir məni yaxına çağıran? Sadıqxan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır. Şahrüx. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı. Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (Şahrüxü yaxına gətirirlər.) De görüm, oğlun Nadir Mirzə haradadır? Şa hrüx. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm. Ağa Məhəmmədşah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm Nadir hər nə cavahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə. Şahrüx. Mənə Nadirdən heç şey qalmayıb. Ağa Məhəmmədşah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cavahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar. Şahrüx. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən iyirmi yaşından İndiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şah tək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzə tək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir dünyada insaf var? Kim deyir ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin. Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cavahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər. Sadıq xan Şahrüxü aparır. Hacı İbrahimxan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. Qırx beş ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil. Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan! Sadıqxan (daxil olur). Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzurialiyə məktubdur. (Kağızı verir.) Ağa Məhəmməd şah Qacar (kağıza baxıb). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır! Hacı Ibrahimxan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn? Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu yaxşı olmadı. Fərraşbaşı (daxil olur). Qibleyi-aləm, cavahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mıx çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir. Ağa Məhəmmədşah Qacar. Necə demir? Get deginən onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxil olurlar.) Camaat, Süleyman xandan kağız gəlib. (Kağızı verir Hacı İbrahim xana.) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar. Hacı Ibrahimxan. Məruzi-hüzuri-ali olsun ki, otuz beş min rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalındadır və Azərbaycanı təsxir edəndən sonra, Tehran üstünə gedəcək. Ağa Məhəmmədşah Qacar. Həzərat! Kağızın məzmununu bildiniz. Rusiyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim Rəşid qoşunum onun müqabilinə şir tək gedəcək. Ümidvaram ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz. Sadıqxan. Qibleyi-aləm. Rusiyanın otuz beş min qoşunu müqabilində əlahəzrətin səksən min qoşunu var. Bir belə qoşununun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək? Ağa Məhəmmədşah Qacar. Dayanmayın, gedin qoşunu hazır edin! Sərkərdələr gedirlər. Fərraşbaşı (daxil olur). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (Yaqutu verir.) Ağa Məhəmmədşah Qacar. Öldü, ya sağdır? Fərraşbaşı. Xeyr, Q u r b a n, sağdır, amma canı azdır. Ağa Məhəmmədşah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən getsin Mazandarana. (Fərraşbaşı çıxır.) Hacı İbrahim xan! Hacı İbrahimxan. Bəli, Qurban. Ağa Məhəmmədşah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin? Hacı İbrahimxan. Bəli, Qurban, eşitdim! Ağa Məhəmmədşah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm? Hacı İbrahimxan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ. Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim! Mən səni ndiyədək çox aqil şəxs hesab edirdim. Amma heyf, sədd heyf mənim zənnimə! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrim tək ağılsızsan. Sənin tək aqil şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar alsınlar. Gəl dalımca! Gedirlər. Pərdə * * * Beşinci məclis Əhli-məclis AğaMəhəmmədşahQacar HacıIbrahimxan Sadıqxan Səfərəli Abbasbəy } pişxidmətlər Bir nəfər sərkərdə. Şuşa qələsi. Məhəmməd Həsən ağanın evində Ağa Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağa Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub. Ağa Məhəmmədşah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki, Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığıla ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, İndi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan. Hacı İbrahimxan. Bəli, Qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq. Ağa Məhəmmədşah Qacar. Mən necə ki, yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyf ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən iki min adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu? Hacı İbrahimxan. Qibleyi-aləm, zindana salıblar. Ağa Məhəmmədşah Qacar. Xub, sabah, mənə yazdığı fərdin ləzzətini ona göstərərəm. Hacı İbrahimxan. Qibleyi-aləm, deyirlər Molla Pənah gecə vaqiə görüb, deyirmiş ki, məni Ağa Məhəmməd şah öldürə bilməyəcək. Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm. Hacı Ibrahimxan. Qibleyi-aləm, İbrahim xan quş da olsa iki min Rəşid atlının qabağından heç bir yana qaçıb qurtara bilməz. Ağa Məhəmmədşah Qacar. Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur). Nə var? Niyə gəldin. Sadıqxan. Qibleyi-aləmin fərmayişinə görə gəlmişəm. Ağa Məhəmmədşah Qacar. Kim yetirdi sənə mənim fərmayişimi? Sadıqxan. Səfərəli. Ağa Məhəmmədşah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim get Sadıq xanı çağır? Səfərəli. Yarım saat bundan əqdəm. AğaMəhəmmədşah Qacar (qəzəbli). Yalan deyirsən, namərbut! Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayişini düzgün eşitməyibdir. Ağa Məhəmmədşah Qacar. Bir qulaqlar ki, mənim fərmayişimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get cəllada deginən qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu? Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə beş mindən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan tərəfə. Ağa Məhəmmədşah Qacar. Yalan deyirsən, namərbut! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı beş min qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox? Sərkərdə. Qibleyi-aləm, necə ki, ərz elədim, elədir. Ağa Məhəmmədşah Qacar (durur ayağa). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan iki yüz adamdan artıq aparmayıb! Qorxub qaçıbsız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikətikə kəsdirib gözünün qabağında yandıracağam! Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki, ərz elədim, o növdür. Ağa Məhəmmədşah Qacar. Apardığın adamdan nə qədər qırılıb? Sərkərdə. Qoşun hamısı salamat qayıdıb. Ağa Məhəmmədşah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımi ənamınızı alarsınız. (Sərkərdə gedir.) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küyündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən qaçıb ölümə düçar gələcəklər. Yox, yox... Mən buna səbr edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağa Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhti-səltənətimdə ola, bir Qarabağ xanı iki yüz atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yenə qiyaməti bərpa elərəm. Yenə Ağa Məhəmməd şah Qacar gözlərinin qızarmağını görərlər. (Otaqda hirsli gəzinir. Səfərəli qulaqları dəsmalla sarınmış və Abbas bəy öz otaqlarına girirlər). Səfərəli. Öhö... öhö... öhö... (Ağlayır.) Abbasbəy. A kişi, yekə adamsan, uşaq tək niyə ağlayırsan? Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılırdım. İndi bu sifətdə mən camaat içinə çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyuraydı birdəfəlik boynumu vuraydılar, bundan yaxşı olardı. (Ağlayır, şah qulaq verir.) Abbasbəy. Ağlama, ayıbdır. Bir də şahın hirsi bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər. Ağa Məhəmmədşah Qacar (qeyzli). Kİmdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (Səfərəli və Abbas bəy daxil olur.) Səfərəli, sənsən övrət tək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə da naçizlər var, onların da başı kəsiləcək. Sabah gərək kəlllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (Səfərəli və Abbas bəy çıxırlar.) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş Fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə gələ! (Nəfəsini ağır-ağır çəkir.) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibniYusif başını qəbirdən qovzayıb afərin desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (Piysuzu götürüb gedir pərdənin dalına.) Səfərəli və Abbas öz otaqlarında. Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək. Abbasbəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən İndiyədək minlərcə bizdən artıq canları yox eləyib, İndi növbət bizə düşüb. Səfərəli. Bəli, əlac yoxdur, sən get bu gecəni öz övrət-uşağınla keçir. Mən də tək adamam, əyləşim, razü Niyaz eləyim. Bəlkə Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə ölmək yaxşıdır. Ölkə vİran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq, bir havada nəş arzusunda gəzən kərkəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yığıb başına, qara gününə ağlayır... Abbas bəy, axır, biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin. Abbasbəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy, bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə. Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndialəmin yədi-qüdrəti tiksin. Abbasbəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin. Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysus yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb otağın ortasında yıxılır. Ağa Məhəmmədşah Qacar. Ey xanəxərab, İranra virankərdi! (Ölür.) Pərdə Ey evi dağılmış, İranı vİran qoydun * * * == Kimdir müqəssir == Kimdir müqəssir Vodevil iki məclisdə (Məzmun əxz olunub) Əşxas Qasımbəy– mülkədar Mahmud – cavan kəndli Bahar – onun övrəti * * * Əvvəlinci məclis Kənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında neçə dənə odun. Mahmud odun yarır. Mahmud. Hm!.. Hm!.. Hm!.. Ay sənin içinə zəhrimar qarışsın. Məgər yarılmaq bilir. (Alnının tərini silir.) Hm!.. Hm!.. Hm!.. (Qolu boşalır, söykənir baltaya.) Yox, heç yarılası canavara oxşamır, belə nainsaf odun mən ömrümdə görməmişəm, başdan ayağa düyündür. Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Tər alnımdan sel tək axır, amma bu evi yıxılmışın odunu uzanıb burada, heç dünya vecinə deyil. Deyir, nə qədər canında can var, baltadan çırp, ölsən də yarılmayacağam. (Ah çəkir.) Elə ki hərdənbir papağımı qabağıma qoyub, dürüst fikir eləyirəm, baxıb görürəm ki, Allahın dünyada insandan bədbəxt məxluqu yoxdur. Vallah doğru deyirəm. Bax, elə bu odun. O da məndən xoşbəxtdir. Iş görmür, bir ehtiyacı yox, aclıq, susuzluq bilmir, bəyəndiyi yerdə uzanır, kefi kök, damağı çağ. Amma insan bir az ağuya dönmüş gödən gülləsinin ucundan, gərək hər sübh tülküdurmazdan dursun, gecə yarısınadək tər tökə-tökə işləsin. Gecədən sübhədək bədənin ağrısından yata bilməsin. Bunun da adını dolanacaq, zindəganlıq qoyublar. Amma insan əvvəl yarananda işlər belə deyilmiş. İndi mən deyim necə imiş, siz qulaq verin. (Əyləşir kötüyün üstündə.) Allah Adəmlə Həvvanı yaratdı, gözəl behiştini də verdi onlara dedi: oturun burada, oğulbəoğul yeyin-için, əlinizi ağdan qaraya vurmayın. Daha bundan gözəl nə olar? Yəni müftə, zəhmətsiz çörək yeyib yatmaqdan da bir ləzzətli şey olar? Ancaq Allah bir şərt qoydu: buyurdu ki, buğda ağacının meyvəsinə dəyməyin. Nə eybi var, dəymə, dəymə! Adəm dedi: baş üstə. Heç ağacın yaxınına da getmərəm. Amma Həvva... Aman, aman, aman!.. Dad arvad əlindən!.. Dedi: ortamdan dağılaram, buğdadan yeməsəm. Adəm yalvardı, yaxardı, ilan dili çıxartdı, olmadı ki, olmadı. Axırda yazıq kişi əlacı kəsilib, buğdanı üzüb verdi, dedi: ala, ye! Elə ki buğdanı yedilər, ikisinin də qolundan tutub saldılar eşiyə. Amma necə behişt!.. Deyirlər bizim ağamızın evindən yaxşı imiş! Adəmi behiştdən qovdular, onlar da düşdülər mən kökə. İndi mənim də behiştim budur. (Ayağı ilə odunu itələyir.) Budur mənim Həvvam da gəlir. (Durur ayağa, başlayır odun yarmağa. Bahar çiynində xurcun daxil olur. Sonra xurcunu qoyur yerə.) Bahar. Bu da mən. Gəldim çıxdım. Bazardan buraya birnəfəsə gəlmişəm. Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya, yağın da girvənkəsini altı şahıdan satdım, yaxşımı satmışam? A kişi, sımsırığını niyə sallayıbsan? De görüm yaxşımı satmışam? Mahmud (naxahi). Çox yaxşı satıbsan. (Başını aşağı salıb odun yarır.) Bahar. A kişi, yenə nə olub sənə? (Mehriban) Bircə bax gör bu çiyinlik yaxşıdırmı? Belə ucuz almışam ki. Mahmud (naxahi). Çox yaxşıdır. Bahar (ağzını əyir) Çox yaxşıdır!.. Bircə bax, sonra de, ağzını niyə göyşək mal kimi o yan-bu yana tutursan? Mahmud (naxahi), Görürəm, görürəm, heç belə çiyinlik olmaz. Ba har. Baxarsan bəri, baxarsan! (Xurcundan bir cüt çarıq çıxarır.) Bircə bu çarıqlara da bax! Mahmud (cəld). Görüm. Bahar (dörd barmağını yumub baş barmağını göstərir). Ala, göstərdim a, gör nə tez baxır? (Oturur cəhrənin yanında, çarıqları gizləyir altında. Başlayır cəhrəni bulamağa.) Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram, amma sən heç mənim qədrimi bilmirsən. Mahmud. Mən tənbələm? Mən tənbələm? Elə ağzını açırsan: tənbəl, tənbəl! Bahar. Yalan deyirəm? Sənin tənbəlliyin cəmi kəndə məlumdur. Mahmud. Özün işləmirsən, elə bilirsən xalq da tənbəldir! Bahar. Necə? Necə mən işləmirəm? Mahmud. Elə-belə işləmirsən. Bahar (cəhrəni göstərir). Bəs bu nədir? Mahmud. Bu nə nədir? Bahar. Gözün görmür? Mahmud. Niyə görmür, cəhrədir. Onu bulamağın adını sən işə qoymusan? Mənim bir qoca rəhmətlik nənəm var idi. Qoltuğundan tutan olmasaydı, yerindən qalxa bilmirdi, onu o da bulayırdı. Bahar. Bəs sən iş nəyə deyirsən? Mahmud. Dünyada məgər iş azdır? Xanım ki deyilsən, belə yaxşı odun yar, get su gətir, ot biç, cüt ək!.. Bahar. A kişi, nə danışırsan? Odun yar, cüt ək nədir, məgər bu mənim işİmdir? Mahmud. Utanmasan deyəcəksən, sənin işİndir. Belədirmi? Bahar. Əlbəttə, bunlar kişi işidir. Mən ki kişi deyiləm. Mahmud. Elə mən kişiyəm deyən, gərək bir belə zəhmətlərin hamısını çəkəm? Mən qələt eləmişəm, başımı daşın böyüyünə döymüşəm anadan kişi olmuşam? Bahar. Bəs necə, gərək işləyəsən, yoxsa çörək bacadan düşür? Mahmud. Bəli, mən işləyim, sən də böyrün üstündə yat, onunbunun qeybətini elə! Bahar. Kişi, məgər sənin Allahın yoxdur? Mən kimin qeybətini eləmişəm? Mahmud. Hamının, kimin qeybətini eləmirsən? Bahar (durub gəlir onun yanına). Mən tənbələm? Mən qeybətçiyəm? Mahmud. Bəli, bəli, bəli! Qeybətçisən bir də üstündən, iki də üstündən! Bahar (ağlayır). Allah, bu zülmü məgər qəbul eləyəcəksən? Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar! Mahmud. Bah, bah, bah! Bu xanım böyük işlər görür! Bir de görüm mən inəyi tutub, gətirib ağaca bağlamasam, sən sağa bilərsənmi? Sən ayda bir yol nehrə çalxamırsan, elə həmişə mən çalxayıram. Görürsən qatığı tökdü nehrəyə, bir sənək də suyu hıqqına-hıqqına götürüb tökdü üstündən, ondan da çağırdı (övrətini yamsılayır): Mahmud! Mahmud! Mahmud! Gəl, sən Allah, bu nehrəni göydən as! Və ondan sonra başlayır ki, belim ağrıyır, nə bilim, qonşuya ip əyirirəm, bu nehrəni çalxa. İşin harada ağırı var, tökürsən mənim üstümə. Əməyimi də itirirsən. Budur ha, dünən nehrəni yerdən qalxızmışam, İndi də belim ağrıyır. O tövr mən zəhmət çəkirəm, sən də aparıb hər həftə yağı, qatığı satıb, əskiyə-üsküyə verib, götürüb gəlirsən. Bahar. Bəs nə eləyim? Çılpaq gəzim? Mahmud. Səni danışdİranın özünün ağlı yoxdur, arvadsan, arvadsan, arvadsan! Sizin anadan olandan ölənədək ayrı fikriniz yoxdur: elə paltar, paltar. Arvad tayfasının yüz dəst paltarı ola, yenə deyəcək çılpağam. Axır, ay arvad sən məni dağıtdın, tərk elədin, bircə insafın olsun, mürüvvətin olsun! Bir tək sənin ucundan mən bir belə tər tökürəm. (Əli ilə alnını silir.) Bir saat yanımı yerə verib, dincələ bilmirəm. Bahar. Yalan isə başın batsın! Araba kölgəsində yatırsan, elə bilirsən öz kölgəndir. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək! Məndən savayı bu evdə zəhmət çəkən var? Nə vaxt sən mənim ucumdan zəhmətə düşdün? Mahmud. Bircə Həvvanı yadına sal, onda bilərsən. Bahar. Nə dedin? Mahmud. Bəli, elə onu ərz elədim. Bizim behiştdən qovulmağımıza kim müqəssirdir? Həvva! Kimin səbəbinə bizim əlimiz behişt nemətlərindən üzüldü? Həvvanın! Kimə iştah zor elədi, dedi gərək buğdanı yeyəm? Mənə? Buyur görək, niyə dinmirsən? İndi belə beşeşşəkli xoca kimi, qəşəng, qıçımı qıçımın üstündən aşırıb behiştdə kef elərdim. Bilmirdim odun yarmaq nəyə deyirlər, su daşımaq nəyə deyirlər, ot çalmaq nəyə deyirlər... Bahar. Demək olmaz, elə işləməkdən arıq düşübsən... Mahmud. Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! And olsun məni yaradana, dəyənəklə qabırğalarını sanaram! Qarnım sabunsuz araba çarxı səsi verir. Hanı ocaqda qazanın? Nə olar bir üç yumurta soyutma eləyib verəsən yeyim? Bahar. Deyirsən sabahdan bəri işləyirəm, hanı yardığın odun? Sən odun yar, mən də yandırım, sənə bişmiş bişirim. Mahmud. Odu ey... (Odunu göstərir.) Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Odun düyünlüdür, yarılmır, alnımdan bir çay axıb, məndə nə taqsır var? Bahar. Bəs taqsır məndədir? Mahmud. Bəli, səndədir. Bahar. Yaxşı, taqsır məndə niyə olsun? Mahmud. Səndə olmasın, olsun sənin nənən Həvvada, nə təfavütü var? Bahar. Xeyr, bu yerdə Həvvanın heç taqsırı yoxdur. Mahmud. Bəs taqsır Həvvada da deyil, məndədir? Hələ özü buğdanı yeməyi bəs deyil, aparıb binəva Adəmə də yedirtdi. Bahar. Çox da yedirtdi, Adəm yeməyəydi. Mahmud. Necə yeməyəydi? Sizin palçığınıza şeytan bir ovuc torpaq qatışdırıb, odur ki, kişiləri yoldan çıxartmaq sizə binadan irs olub! Görəsən nə dildə yazıq kişini yoldan çıxarıb, buğdanı yedirdib. Bahar. Gərək yeməyəydi. İndi ki yeyib, müqəssirdir. Mahmud. Adəm? Bahar. Bəli, elə özü. Mahmud. Yüz danışsan, taqsır Həvvadadır. Bahar. Xeyr, Adəmdədir. Mahmud. Həvvadadır, Həvvadadır, Həvvada, belə bir də üstündən! Bahar. Mən sənə bu saat sübut edərəm ki, taqsır Adəmdə idi. Mahmud. Elə görüm. Ba har. Di qulaq as! O vədə buğda bir uca ağacda bitirdi. Həvva da istədi ki, dərsin, əli çatmadı. Adəmə dedi: gəl ayağımın altında yat, gəldi yatdı. Həvva da onun belinə çıxıb, buğdanı dərdi. İndi başa düşdünmü? Mahmud. Düşdüm. Bahar. Taqsır kimdədir? Mahmud. Kimdədir? (Bir az fikirdən sonra) Həvvada! Ba har. Necə? Həvvada? Adəm niyə onun ayağının altında yatırdı? Mahmud. Necə eləyəydi? Əlacı nə idi? Yəqin arvad ağlayıbsıtqayıb, kişi də naəlac qalıb, yatıb ayağının altında. Bahar. Bəs o nə günün kişisi idi? Qulaq asmayaydı. Mahmud. Qulaq asmazdı, o da paltarını yumazdı, saqqalına xına qoymazdı, başını bitləməzdi. Ba har. Bax sabahdan bəri boş-boş söyləyirsən, İndi istəsəydin bir qucaq odun yarmışdın. O qıxmıqlar hər nədi, yığ apar içəri, ocağı qala, qazana da su qoy, as üstünə, gəlim bir az şorba bişirim, di cəld ol! Mahmud (odunu qucağına yığır). Ay buğda, vay buğda!.. Heç Allah səni yaratmayaydı. Bahar. Get, daha söylənmə, İndicə deyirdin ki, acından ölürəm. (Mahmud gedir. Bahar cəhrənin yanında oturur.) Qoyasan elə axşamadək özündən gop vurub danışa, iş görməz, güc görməz, elə zoru verir çənəsinə. Deyəndə də tənbəlsən, atını, itini alıqlayır, düşür mənim üstümə. Tənbəl olmasa, əvəzi yoxdur. Heç indiyədək bir dəfə mənim üstümə əl qalxızmayıb. Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Mahmud (qayıdır). Suyu asdım, di buyur yenə yavan şorbanı bişir, yeyim, iki gün boğazımda qaynasın. Bahar. Aldatdım, hay aldatdım! Sən heç mənim qədrimi bilmə, bircə xurcunu aç bax gör içində nə var? Mahmud (xurcunu açıb baxır). Arvad deyəsən, ət alıbsan? Bahar. Bəs necə? Ət almışam, yağımız da var, İndi durub plov bişirəcəyəm. Elə sən deginən Bahar pis arvaddır. Mahmud. Bax, İndi sənə yaxşı arvad deyərəm. İndi görürəm ki, məni istəyirmişsən. Bilirəm, bazarda deyibsən ki, kişinin yavan şorba yeməkdən qarnında şorba ağacı bitib. Qoy bir az ət alım aparım, ona plov bişirim. Belədirmi, Bahar? Bahar. Mən yaxşı arvadam, amma sən pis kişisən, mənə acığın tutur, üstümə çığırırsan. Mahmud. Vallah, mənim sənə acığım tutmur, mənim acığım Adəmə tutur. Axır o, niyə arvada yepələk olurdu? Allahın altında onun yerinə mən olaydım! Bahar. Bəli, demək olmaz, dağı dağ üstünə qoyardın! Nə olsun, mən də Həvvanın yerinə olsaydım, heç buğdaya gözümün qulağı ilə də baxmazdım. Mahmud. Yəni inanım? Bahar. Niyə inanmırsan? Adama deyirlər: əlini vurma – vurma, yemə – yemə! Mahmud. Bəlkə ürəyin istədi, onda necə? Bahar. Cəhənnəmə istəsin, gora istəsin. Nəfsinə tət deyib səbr elərsən. Mahmud. Yəni səbr elərsən? Bahar. Əlbəttə elərəm. Mahmud. Elə ömrün olanı səbr elərdin? Bahar. Ömür olanı, daha da artıq. Qasımbəy (daxil olur). Xoş gördük, əzizlərim! Bahar üzünü örtüb, divara qısılır. Mahmud (baş əyir). Ağa! Sən bizim bu kasıb komamıza xoş gəlibsən! Evimiz, eşiyimiz hamısı sənə Qurban! (Övrətinə). Ay arvad, divara niyə qısılırsan? Öz ağamızdır, yad adam deyil. Get içəridən bir təmiz döşək gətir, bəy otursun. Qasımbəy. Lazım deyil, oturmayacağam, burada gəzirdim, sizing söhbətinizi eşidib gəldim. Siz bilirsiniz ki, mənim çoxlu dövlətim var, özümün də varisim yoxdur. Sizin söhbətiniz mənə çox xoş gəldi, ona görə istəyirəm sizi bir az xoşbəxt eləyim, öz dövlətimin, mülkümün yarısını sizə verim. Mən gedirəm, bir saat bundan sonra siz ikiniz də gərək mənim evimdə olasınız. Salamat qalın. Mahmud. Ağa! Biz nəkarəyik... Qasımbəy (gedə-gedə). Artıq söz lazım deyil. Bir saatdan sonra mən sizi öz evimdə gözləyəcəyəm... Qasım bəy gedir. Mahmud və Bahar baş əyə-əyə aparıb ötürüb, ikisi də mütəhəyyir qayıdırlar. Mahmud. B a h a r! Bahar. Nədir, M a h m u d? Mahmud. Bu nə işdi? Bahar. M a h m u d! Mahmud. Nədir, B a h a r? Bahar. Bu nə işdi? Mahmud. Ağlın nə kəsir? Bahar. Kimin? Mənim? Mahmud. Hə, sənin. Bahar. Mənim ağlım heç zad kəsmir. Bəs sənin ağlın nə kəsir? Mahmud. Kimin? Mənim? Bahar. Hə, sənin. Mahmud. Mənim də ağlım heç zad kəsmir. Bahar. İndi nə deyirsən? Gedək? Mahmud. Bəs ağamız buyurandan sonra nə qayıracağıq? Tez ol yığış, gedək. Bahar. Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını bağlayım gedək. (Bahar cəhrəni, xurcunu götürür. Mahmud da odunları qucağına yığıb, onun dalınca gedir). A kişi, balta qaldı. Görünür ağlın başından çıxıb. Baltanı burada qoyub, odunu niyə içəri aparırsan? (Mahmud qayıdıb baltanı götürür.) Odun nəyə lazımdır? Tök yerə. Mahmud. Yox arvad, elə demə. Bəy sözünə bel bağlamaq olmaz, bəlkə birdən saldılar eşiyə, yenə hər nədir odundur, əmələ gələr. Hər ikisi içəri girib şeyləri qoyurlar. Arvad çarşabını götürür, çıxırlar. Bahar. İndi deyirsən gedək? Mahmud. Bəs nədir, gedək. Bahar. Nə deyirəm, gedək deyirsən, gedək. Gedirlər. Pərdə * * * İkinci məclis Qasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə girdə stolun üstündə ağzı örtülü bir qab var. Mahmud və Bahar daxil olur. Mahmud. Yəni Qasım bəy görəsən bir belə cəlalı bizə verəcək? Vallah, heç inanmıram. Dəstgaha bax, cəlala bax! (Kürsüləri göstərir.) İndi görəsən bunları da qoyublar üstündə oturaq? (Əyləşir divanın üstündə, divan onu yuxarı tullayır). Bəh, bəh, bəh! Bahar, Bahar, ay Bahar, gəl yanıma! Bahar (özünü divanın üstünə yıxır). Bəh, bəh, bəh! Sənin canın üçün, Mahmud, arxın qırağındakı qumdan yumşaqdır. Mahmud. Sən bir ayağının altındakı xalıya bax, gör belə şeyi də adam qıyıb ayaq altına salarmı? Bahar (qalxıb xalçanın üstündə çökür). Mahmud, Mahmud! Pişiyə bax, gör nə göyçək toxuyublar! Bax, dişi də var, gözü də var, qulaqları da var. Görürsən bəy buna iyirmi manat veribdirmi? Qasımbəy (daxil olur, gülə-gülə). İyirmi manat yox, on səkkiz manat yarım vermişəm. Bahar, M a h m u d diksinirlər. Bahar. Bıy, mənim başıma xeyir! Bəy burada imiş. Mahmud. Bəy, bağışlaginən, qanmaz rəiyyət adamıq. Qasımbəy. Eybi yoxdur. Xoş gəlibsiniz, mənim əziz qonaqlarım. Bu mənzil sizin təzə mənzilinizdir. Ancaq sizlə mənim bircə şərtim var. Əgər o şərtə əməl edə bilsəniz, bu cəlalı həmişəlik sizə verəcəyəm, yox, əməl eləyə bilməsəniz, yenə qayıdacaqsınız öz komanıza. Mahmud. Buyur görək, nə şərtdir, bəlkə elə çətİndir ki, biz bacarası deyil. Qasımbəy. Xeyr, mənim şərtim çox-çox asandır. Qulan asın: siz burada əyləşin, bu süfrənin kənarında, kefiniz istədikcə yeyin, için. Ancaq İndidən üç saat keçincə gərək ağzı örtülü qabı yerindən tərpətməyəsiniz və ağzını açıb içinə baxmayasınız. Çünki bu qabın içində bir şey var ki, onu siz gərək üç saat görməyəsiniz. Üç saatdan sonra qabın içindəkini sizə verəcəyəm. Mənim şərtim budur, əgər əmələ gətirdiniz, bu dövlət hamısı sizə qalasıdır, yoxsa... Mahmud. Yoxsa, bizi əl-ələ verib, hər birimizə bir təpik vurub, iti məsciddən qovan kimi qovacaqsan. Qasımbəy. Yox, əgər mənim şərtimə əməl eləyə bilməsəniz, bu dövlət yenə mənim özümə qalasıdır. Başa düşdünüz? (Saat bir dəfə vurur.) İndi günortadan bir saat keçib, mən gedirəm, düz üç saatdan sonra gələcəyəm. (Gedə-gedə) Qab gərək açılmasın və içinə baxılmasın. (Gedir.) Mahmud. Ha!.. Ha!.. Mən də deyirəm, görəsən, bəy nə şərt qoyacaq. (Arvadının qolundan çəkir.) Süfrəyə tərəf gəl görək, ye bu gözəl xörəklərdən. Otururlar. Bahar (yeyir). Deyirəm, Mahmud, Allah bizə elə gün veribdir ki, yatsaq yuxumuzda da görmərik. Mahmud. Əgər mənim vaqiəmə bir belə cəlal girvə, yalan deyən adam deyil, itə dönüm, o biri böyrüm üstünə çönüb, təzədən yataram. Belə bəxt haradan ələ düşər? Bahar. Üç saatdan sonra bunlar hamısı bizim olacaq. Sən də olacaqsan Mahmud bəy... Mahmud. Sən də olacaqsan Bahar xanım. Bahar. Deyəsən axır bizim bəyin ağlı çaşıb, yaxşı, üç saat qabın içinə baxmamaq nə böyük işdir ki, buyurdu? Mahmud. Eh! Qab mənim çoxdan yadımdan çıxıb, istər üç yüz qab orada bir-birinin yanına düzülə yenə mənim halıma təfavüt eləməz. Bir belə yeyinti olan yerdə adamın yadına qabmı düşər? Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Sənə də verimmi? Bahar. Bir tikə ver. Mahmud. Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ala qoy qabağına! Şərbət də istəyirsənmi? Bahar. Bir az tök ver. Mahmud. Şüşəsini götür çək başına. Bir az tök ver nədir, ay səfeh? Bunlar hamısı bizim ixtiyarımızdadır. Bircə ağzı örtülü qabdan savay. (Saat iki dəfə vurur). Gör vaxt nə tez keçir? Saatın biri heç bilmədik nə tövr keçdi. Ba har. Allah, sənə şükür! Ikicə saatdan sonra qabın içindəkini biləcəyəm. Amma, Mahmud, bax gör nə gözəl qabdır, mən heç belə qab görməmişəm. Mahmud. İstəmirəm, baxmıram, nə lazım, yaxşı deyil, heç sən də baxma. Bahar. Niyə baxmayım, qıraqdan baxmaq da ki, qadağan deyil, nə olar baxanda? Mahmud. Baxma, bəlkə bir şey oldu. Bahar. Yaxşı, bəs gözüyumulu oturum? Qabdır, durub gözünün qabağında, nə tövr baxmayım? Mahmud. Üzünü o yana döndər, gözün görməsin. Bahar. Axır üzümü geri döndərsəm, səni görmərəm. Gəl yerimizi dəyişək. Mahmud. Yaxşı, dəyişək deyirsən, dəyişək. (Çox ağır qalxır.) Elə belə yaxşıdır, nə lazım, bəlkə bir şeytan xatası oldu. Yerlərini dəyişirlər, Bahar gözünü döndərir qaba tərəf. Mahmud. Yenə niyə baxırsan? Bahar. Baxıb eləmirəm, qorxuram qolum toxuna, görmürsən, lap böyrümdədir? Heç bilmirəm bu qab nə idi, bəy gətirdi bizə aval elədi? Vallah, yalandır, onun içində heç zad yoxdur. Mahmud. Ay arvad, Allahı sevərsən, başını aşağı sal, çörəyini ye. Nə qab-qab deyib uculuyubsan? Bahar. Doğru deyirsən, Mahmud. Heç daha yadıma da salmaram. Mahmud başını aşağı əyir. Bahar ahəstə qalxıb qulağını qaba verir. Mahmud (görüb ucadan qışqırır). Ay arvad, nə qayırırsan? Bahar (diksinir). A kişi, ürəyim qopdu, niyə belə bağırırsan? Əlimi ki, vurmuram, qulaq asmaq da olmaz? Mahmud. Yox, olmaz, mən izin vermirəm. Arvad, axır deyəsən şeytan sənə dinclik vermir? Bahar (əyləşib). Yaxşı, baxmaram, baxmaram. (Bir azdan sonra) Mahmud! Mahmud. Nə deyirsən? Bahar. Sən Allah, qoy bircə tikə qabın qırağını qalxızım baxım. Mahmud. Arvad, gəl sən, lənət şeytana de, mənim cinimi tutdurma, vallah sənə bir toy tutaram ki, ömrün olanı dadı damağından getməz. Bahar (acıqlı). Vallah, heç puf da eləyə bilməzsən! Axır mənə deyən gərək, bunun nəyinə yalvarırsan? (İstəyir qapağı qalxızsın). Mahmud (hövlnak). Gözünü qan örtübdür nədir, ay arvad? (Qalxıb qolundan tutub sürüyür.) Gəl bəri, gəl otur burada. Üzünü də belə çöndər. Ha belə ha!.. İndi nə gözlərin görsün, nə ürəyin bulansın. Bahar. Kişi, vallah, sən məni lap öldürmək istəyirsən! Mən dəxi burada oturmaram, gedəcəyəm öz evimizə, burada bir sən qal, bir də bu qab. Mahmud. Ay arvad, bircə gözlərin olsun! Axır bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Axır bircə başa düşgünən, vallah, baxmaq olmaz. Bahar. Baxmaq olmaz, çünki sənin məndən zəhlən gedir. İstəyirsən mən ölüm, gedib özünə bir göyçək xanım arvad alıb gətirəsən. Mən bu evə yaraşmıram. (Ağlayır.) Mahmud. Bahar, Bahar sən Allah, ağlama! Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur... Ay arvad, nə olar bir azcasəbr eləyəsən. Bahar. Di onda salamat qal, dahı mən gedirəm. (Durub qapıya tərəf gedir). Mahmud. Nə deyirəm, gedirsən get, Allah yaxşı yol versin. Görünür sən ərindən əl çəkərsən, öz höcətliyindən əl çəkməzsən. Ba har. Bəli, burada ağlayım, mənim bağrım çatlasın, sən də bunun adını höcətlik qoy! Mən burada bir dəqiqə oturmaram, salamat qal! Mahmud. Nə deyirəm, xoş gəldin. (Gedib uzanır divanın üstündə.) Bahar (qapıya gedir, qayıdır). Nə dedin? Tez ol sözünü de, tələsirəm. Mahmud. Kim nə dedi? Bahar. Bəs sən məni İndicə çağırmadın? Mahmud. Heç ağlıma da gəlmədi. Bahar. Onda salamat qal! Mahmud. Xoş gəldin. Bahar (qapıya gedib, qayıdır). Mahmud! Mahmud. Nə deyirsən? Bahar. İndi deyirsən qabın ağzını açmaq olmaz. Mahmud. Xeyr, olmaz. Bahar (qeyzlə). Olmaz?! Saat üç dəfə vurur. Mahmud. Yox, yox, yox! Bir az sakit ol, mənim yuxum gəlir, yatacağam, bəyin gəlməyinə bir saat qalır. Bahar. Hələ bir saat qalır? Mahmud. Bir saat çoxdur? Bahar (qəzəbli). Yəni deyirsən olmaz? Mahmud. Xeyr, olmaz! Bahar (qeyzli). Olmaz! Mahmud. Olmaz. Bahar (yıxılır). Ay ürəyim dağıldı!.. Ay öldüm!.. Ay Allahı sevən!.. Mahmud (qalxıb cəld onun yanına gəlir). Bahar, nə qayırırsan? Nə oldu sənə, Qurbanın olum!.. Bahar. Öldüm, öldüm, öldüm! Mahmud. Axır nə oldu sənə? Niyə elə eləyirsən? Ala, şərbət verim, iç... İçmirsən? Bəs nə istəyirsən, onu de? Bahar. O qabın ağzını açmasan, öləcəyəm. Mahmud. Di yaxşı, gəl açım. (Bahar durub gəlir qabın yanına.) İndi ürəyin sakit oldumu? Bahar. Hə, oldu. Mahmud. Çox gözəl, di get otur yerində. Bahar. Bəs qab? Mahmud. Axı olmaz, vallah olmaz. Bir azca gözləsən nə olar? Ba har. Görünür, sən mənim ölməyimi istəyirsən, mən də ölürəm. (Yıxılır.) Daha mən öldüm, mən səni halal elədim, sən də məni halal et. Mahmud (ağlayır). Öldü, vallah öldü! Mən nə tövr eləyim, başıma nə çarə qılım? Bahar, Bahar, ölmə Qurbanın olum... Bax, budur, açıram... Bahar. Di tez ol, aç... Canım çıxmamış bir gözüm görsün. Mahmud. Pənah Allaha, hər nə ola-ola! (Qabın ağzını açır, içindən bir quş çıxıb uçur.) Bahar (yerindən sıçrayıb). Qoyma, qaçdı! Tut! Qoyma! Mahmud. Gör nə tez dirildi. Bahar. Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun qaçsın, İndi nə tövr eləyək?.. Gödən, heyvan, öküz!.. Mahmud. Bəli, gəl insana yaxşılıq elə, adını da öküz qoysunlar! Mən sənə demədimmi ki arvad, səbr elə? Bahar (ağzını əyir). Səbr elə, səbr elə... Çox da mən səbr eləmədim, gərək elə sən heyvanlığına salıb quşu qaçırdaydın? Ayının yekəsi! Mahmud. Nə eləyəydim, arvad, ölürdün axır? Bahar. Elə mən ölürəm dedim, sən də inandın? Mahmud. Ay bədbəxt kişilər! Övrətlər işi xarab eləsinlər, size də söysünlər. Görünür, bizim bəxtimiz belədir. Ax!.. Ax!.. Ax!.. Bir belə dövlət, bu gözəl ev, böyük cəlal, hamısı bir dəqiqədə pırr.. uçdu göyə. (Saat dörd dəfə vurur.) Bəli, ləzzət qurtardı! Qasımbəy (daxil olur). Necəsiniz, əzizlərim? Yaxşı keçindinizmi? Mahmud. Allah ömrünü uzun eləsin, ağa, çox yaxşı keçİndik. Qasımbəy. Qabla işiniz olmayıbdır? Mahmud. Xeyr, işimiz yoxdur. Qasımbəy (qulağını verir qaba). İçəridən bir səs gəlmir, deyəsən, qabın altındakı yoxdur? (Qabın ağzını açır.) Baho... Bəs buradakı quş necə oldu? İndi, əzizlərim, belə görünür ki, dünyada insane nə qədər naz-nemət versən, yenə onun gözləri doymaz. Çox yaxşı olar ki, siz yenə qayıdasınız öz daxmanıza. Sizin gününüz orada buradan yaxşı keçir. Hər bir ehtiyacınız da olsa yenə mənim yanıma gələ bilərsiniz. Mən sizə həmişə kömək eləməyə hazıram. (Gedir.) Mahmud. B a h a r! Bahar. Nədir, M a h m u d? Mahmud. Bu nə işdi? Bahar. M a h m u d! Mahmud. Nədir, B a h a r? Bahar. Bu nə işdi? Mahmud. Ağlın nə kəsir? Bahar. Kimin? Mənim? Mahmud. Hə sənin. Bahar. Mənim ağlım heç zad kəsmir. Sənin ağlın nə kəsir? Mahmud. Kimin? Mənim? Bahar. Hə, sənin. Mahmud. Mənim də ağlım heç zad kəsmir. Bahar. İndi deyirsən gedək? Mahmud. Bəs ağamız buyurandan sonra getməyib nə qayıracağıq? Dayanma, tez ol gedək. Bahar. Nə deyirəm, gedək deyirsən gedək. Mahmud. Di düş qabağıma. Ay Həvvanın halalca balası. Gedirlər. * * * == Ədalət qapıları == Ədalət qapıları Dram iki şəkildə İştirak edənlər Padşah Padşahınqızı Rizvan – bağban oğlu Asiyə – kəniz XacəFiruz – qulam Qulamlar, kənizlər, rəqqasələr * * * Birinci şəkil Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək padşahın qızı məyus əyləşib. Rəqqasələr bir qədər rəqs etdikdən sonra padşahın qızı işarə edir, hamı gedir, kənizdən başqa. Padşahınqızı. Mehriban bacım, budur, iki aydır mən naxoşam, mərəzim gün-gündən şiddət etməkdədir. Məmləkətdə bir təbib qalmayıbdır ki, atam onu mənə müalicə etmək üçün gətirməmiş olsun. Heç biri mənim dərdimin dərmanını tapmayıb, əl çəkib gediblər. Axırda əcnəbi vilayətdən gəlmiş bir təbibin məsləhətinə görə, məni hər gün rəfiqələr arasında, çəmənlər səyahətinə və rəqslər tamaşasına məcbur edirlər. Bunların heç birisi mənim dərdimin əlacı deyildir. Nə rəqs, nə xanəndə, nə çəmənlərdə və nə çay kənarında səyahət, heç biri mənim ürəyimi açmır. Baş ağrısı, ürək ağrısı gün-gündən artmaqdadır. Amma tənha qalıb, bir qədər ağlayandan sonra rahat oluram. Rica edirəm məni yalqız burax. Asiyə. Xanım, neçə ildir ki, mən sizin xidmətinizdəyəm, sədaqətim sizə məlumdur. Nə olar dərdinizi açıb mənə söyləyəydiniz. Sizin kənara çəkilib ağlamağınızdan bir şey anlamayıram. Əfv ediniz, açıq danışacağam. Mərəziniz məhəbbət mərəzidir. Nə olar ki, açıb padşaha deyəsiniz? Baxın, ətraf məmləkətlərin hamısından elçilər gəlir. Heç birinə atanız sizin xahişinizi bilməmiş cavab vermir... Görünür, sizing xahişiniz padşah xahişidir. Padşahınqızı. Əziz bacım! Mənim mərəzimi dürüst anlayıbsan. Fəqət mən atama bir söz açıb demərəm. Çünki atam bilsə, onu yüz parça elər. Odur ki, danışa bilməyib günü-gündən şam tək əriyirəm. (Bir nəfər qara qul hərdən gəlib, xəlvət qulaq asır.) Burada ancaq bir nəfər mənim dərdimi bilir. Ondan savayı heç kəsə dərdimi açmaram. Get, bacı, sən də get, məni tək burax. (Asiyə gedir.) Padşahınqızı (ahəstə gedib sol qapıdan çağırır). Xacə Firuz! Xacə Firuz (qoca qara qul daxil olur). Əmriniz nədir, xanım? Padşahınqızı. Gəlibdirmi? Xacə Firuz. Bəli, gəlibdir, müntəzirdir. Padşahınqızı. Göndər gəlsin. Özün qapıda ol, gördün ki, gələn var, fövrən xəbər ver. Xacə Firuz. Baş üstə, xanım. (Çıxır, Rizvan – cavan, gözəl oğlan daxil olur). Padşahınqızı. Ax Rizvan! (Boynunu qucaqlayır.) Rizvan. Mən sizin aciz bəndəniz sizin məhəbbətinizə nail olmuşam. Mənim bu qaba ürəyimdə nazik hisslər gün-gündən artmaqdadır. Siz çəkən əziyyəti mən bilirəm. Fəqət mən iki-üç dəfə artıq çəkirəm. Nə gündüzlər iş görə bilirəm, nə gecələr gözümə yuxu gedir. Gecələr sübhə kimi ayla, ulduzlarla danışıram. Söz yoxdur ki, qibleyi-aləm size bağban oğluna verməyəcək və bizim məhəbbətimizdən xəbərdar olsa, yəqin nəticəsi həm sizin, həm mənim üçün yaman olacaq... Padşahınqızı. Ölümdən yaman nəticə ola bilməz. Mən məhəbbət yolunda ölümdən qorxmuram. Bir vaxt ki, əlim yarımdan üzüləcək, əlbəttə, ölüm məsləhətdir. Sənin qorxmağın məni heyrətə gətirir. Mən səni belə aciz bilməzdim. Rizvan. Xanım! Dünyada iki dəfə ölüm yoxdur. Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ancaq geci, tezi var. Hamımız öləcəyik və sizin məhəbbətiniz yolunda can vermək mənim üçün eyni səadətdir. Mən ölümdən qorxmuram, ondan bədtərindən qorxuram. Padşahınqızı. Ölümdən bədtər nə ola bilər? Rizvan. Ölümdən bədtər ədalət qapısından keçməkdir. Ondan qorxuram. Padşahınqızı. O necə qapıdır? Rizvan. Bu təzə binadır! Bir qaranlıq mağaranın içində dörd dənə qapı var ki, onlara “Ədalət qapıları” deyirlər. Padşahın əmri ilə müqəssirləri gətirirlər o qapının bərabərinə və hökm edirlər ki, qapıların birini öz xahişi ilə açıb daxil olsun. Qapının birindən daxil olan əfi ilanlara düçar olur. O birisindən girən vəhşi canavarlara xörək olur. Üçüncüsündən daxil olan cəhənnəm tək nərə vuran alov içinə düşüb yanır. Bir tək dördüncü qapını açan, qadına düçar gəlir və o qadını almağa məcbur olunur, taqsırı bağışlanır. Ancaq hansı qapıda bəla və hansı qapıda qadın olduğunu müqəssir bilmir. Budur ədalət qapıları. Hər qapıdan daxil olsam, əlim səndən çıxacaq. Atəş içinə, ilan və canavarlar yığıncağına düşsəm, özümü bəxtiyar hesab edərəm. Amma axırıncısından qorxuram. Padşahınqızı. Qorxma, Rizvan! Xacə Firuz hər tədbiri görübdür. Bu gecə biz buradan qaçarıq. Sübh açılmamış məmləkət sərhədini keçərik. Ondan sonra bizi heç kəs ələ gətirə bilməz. Bir kənar guşəyə çəkilib, istirahətlə ömür başa apararıq və lazım qədər özümlə cavahirat götürmüşəm. O da olmasa, əlimizlə işləyib dolanarıq. Xacə Firuz (özünü itirmiş daxil olur). Amandır, qibleyi-aləm buraya gəlir. (Çıxır). Padşahınqızı (tələsik). Get, get, əzizim, tez get. Gecə üçün hazır ol. (Rizvan çıxır.) Padşah (daxil olur, qəzəbini saxlamış). Necəsən, qızım, başının ağrısı kəsilibdirmi. Padşahınqızı. Bəli, ata, bir az yaxşıyam. Padşah (istehza ilə). Sağalarsan, qızım, tezliklə sağalarsan. Sənin üçün təzə bir cüft gözəl at almışam. Çıx bir tamaşa elə. (Qız çıxır. Padşah qapıdan.) Xacə Firuz!.. Xacə Firuz (daxil olur). Bəli, Qurban! Padşah (xacənin iki qolundan tutub dizi üstə çökdürür). Qoca məlun, sən ki mənim qızımın cəmi sirlərini bilirsən, İndiyədək niyə mənə xəbər etməyibsən? Xacə Firuz. Qibleyi-aləm! Siz məni şahzadə xanımın xidmətinə təyin edəndə, əmr etdiniz ki, ona sədaqətlə xidmət edim və sədaqət də bundan ibarətdir ki, gördüyümü və eşitdiyimi bir kəsə söyləməyim. Padşah (vurur). Mənədəmi söyləməyəsən? Xacə Firuz. Şahzadə xanımın əmri olmasa, sizə də söyləməyim. Padşah (vurur). Məlun! De görüm, bu saat burada kim var idi? Xacə Firuz. Bilmirəm, qibleyi-aləm! Padşah. Yalan danışma, ifrit! Sən bilmirsən, mən bilirəm. Buradan gedən tutulub həbsdədir və sabah ədalət qapısından keçəcək və səni də sədaqətlə xidmət etdiyin xanımın qarşısında parça-parça etdirəcəyəm. (Əl çalır, iki fərraş daxil olur.) Aparın bunu, möhkəm saxlayın. Xacə Firuzu aparırlar. Padşahınqızı (daxil olur). Ata, atlar çox əcəbdirlər. Padşah. Bəli, gözəl heyvanlardır. Onları bir nəfər Məkkədən gəlmiş tacir töhfə gətirib. Di gəl, qızım, əyləş. Inşallah, iki günədək salamata çıxarsan. Sabah sənin üçün bir gözəl tamaşa tərtib etdirəcəyəm ki, İndiyə qədər görməyibsən. Sənə təzə bina etdiyim ədalət qapılarını göstərəcəyəm. Padşahınqızı. Ax, eşitmişəm, eşitmişəm, istəmirəm. Nə gedərəm, nə tamaşa edərəm. Padşah (istehza ilə). Gedərsən, qızım, sənin üçün xüsusi bir tamaşadır. (Padşah gedir.) Asiyə (padşahın qızına yaxınlaşır). Sabah bir nəfər gözəl oğlanı ədalət qapısından keçirəcəklər. Padşah hökm verəndə eşitdim. Nədənsə, qoca Xacə Firuz da həbs edilmişdir. Padşahınqızı (mütəğəyyir). Söylə, söylə! Asiyə. Padşah hökm verdi ki, həbəşdən təzə gətirilmiş qara kənizi üçüncü qapının dalında qoysunlar. Bilmirəm yazıq nə taqsırın sahibidir. Deyirlər, ədalət qapısından keçirilmək böyük bir tənbehdir. Padşahınqızı. Deyirsən Xacə Firuz da həbsdədir? Asiyə. Bəli, şahzadə xanım! Nə oldu ki, rənginiz belə saraldı? Padşahınqızı. Heç, bir şey yoxdur. Qoca nökərə yazığım gəldi. Mən gedib atamdan onun əfvini istərəm. Hə... hə... bilirəm... nə işdir... Deyirsən qapının dalında həbəş qızı qoyacaqlar? Asiyə. Bəli, üçüncü qapının dalında. Padşahınqızı (bir qədər fikir edir). Çox gözəl, çox gözəl. (Tələsik gedir.) Pərdə * * * İkinci şəkil Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır. Padşah əyanla daxil olub taxt üstündə qərar tutur. Yanında bir nəfər üzü örtüklü qız əyləşibdir. Padşah. Qızım, gör sənin üçün nə gözəl tamaşalar hazırlamışam. Gətirin müqəssirləri! (Rizvanı və Xacə Firuzu gətirirlər.) Rizvan, sən mənim köhnə və istəkli bağbanım Nəsirin oğlusan. Atan Nəsir kimi sadiq, fəqir və ədəbli kişinin oğlundan sadir olan bu bəd əməlin səbəbi nədir? Nə hədlə sən mənim hərəmxanama ayaq basırsan və öz məqamını anlamırsan? Hətta cürəti bu mərtəbəyə yetiribsən ki, mənim qızıma izhari-məhəbbət edibsən? Məgər sən öz mərtəbənlə şahzadə mərtəbəsinin təfavütünü anlamırsan? Bu taqsırların müqabilində bu dörd qapının birinə daxil olmalısan. Ya heyvanlara və atəşə xörək olarsan və ya bir arvada malik olarsan ki, onu almağa məcbur edilərsən. O vaxt ədalət yolu ilə səni azad edib, arvadınla bir yerdə xaric edəcəyəm... Rizvan. Qibleyi-aləm! Əmrinizə itaət etmək borcumdur. Fəqət ölməkdən qabaq bir neçə söz deməyə izin istəyəcəyəm. Padşah. Söylə. Rizvan. Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Buyurun görək, siz əcdadınız dünyaya padşahmı və mənim əcdadım bağbanmı gəlibdir? Və ya padşah bədəni qızıldan, bağban bədəni palçıqdanmı yoğrulub? Məgər padşah ürəyi cavahiratdan və bağban ürəyi ətdəndirmi? Hamının palçığı bir yerdən götürülüb, hamı bir nütfədən əmələ gəlibdir. Hamının ürəyi ətdəndir və öləndən sonra heç bir kəs padşah sümüklərini bağban sümüklərindən ayıra bilməz. Siz bağda gəzib, mənim əllərimlə becərilmiş güllərin ətrindən ləzzət aparırsınız. Siz padşah əmr edə bilərsinizmi ki, o güllərin ətrini mənim dimağım hiss etməsin? Insan dimağı birdir. İstər padşah olsun, istər gəda. Əmr edə bilərsinizmi havaya ki, məni bəsləməsin? Əmr edə bilərsinizmi günə ki, mənim üzərimə şəfəqini salmasın? Hansı padşah ürəyə hökm edə bilər ki, sevməsin? Hansı padşah gözəlliyə əmr edə bilər ki, ürəklərə təsir etməsin? Göz görən gözəli ürək sevəcək! Istər padşah ürəyi, istər bağban. Sizin qızınız məni sevib, mən də onu sevmişəm. Məhəbbət olan yerdə nə padşah olar, nə bağban və tək məhəbbət iki ürəyin padşahı olub, onlara hökm verər. Sizin hökmünüz mənim canıma, malıma keçə bilər, amma ürəyimə xeyr. Canımı siz burada oda yaxa bilərsiniz, amma ürəyimdəki məhəbbət yanmaz. Padşah. Dəxi kifayətdir! Mənim qızım padşah qızıdır, heç vaxt sən tək gədalara rəğbət göstərməz. Əgər onun ürəyində zərrəcə məhəbbət olsaydı belə sakit oturmazdı. Kifayətdir! Aç, qapının birinə daxil ol! Rizvan. Ürəyimdə ölməz bir məhəbbətlə ölümə gedirəm. Padşahın yanında əyləşən qız Rizvana üç barmağını göstərir. Rizvan üçüncü qapını açır, oradan bir üzü örtülü qadın çıxır. Padşah. Ədalətim mənə əmr edir ki, sənin taqsırından keçim. Gərək bu arvadı nikah edib, bununla bahəm məmləkətdən çıxasan! Rizvan. Qibleyi-aləm. Izin verin o biri qapılardan birinə daxil olum. Mənim ürəyimdə bir məhəbbət vardır. Onunla da ölmək istəyirəm. Mən bu arvada sahib ola bilmərəm. İstəyir o biri qapını açıb daxil olsun, bu halda üçüncü qapıdan çıxmış olan padşahın qızı üzünün niqabını atır. Padşahınqızı (Rizvana). Dayan, padşahın axırıncı sözü qətidir. Gərək buna əməl olunsun. Padşah (öz qızını tanıyır, təəccüblə). Ax qızım! Bu nə aləmdir? Sən nə növ buraya gəldin? Bəs bu mənim yanımda oturan kİmdir? Padşahınqızı. Ata, əfv ediniz, mən xəbər tutdum ki, bu qapının dalında həbəş qızı qoyulacaq. Gecə gedib ona yalvarıb, onun libasını geyinib və öz libasımı ona verdim və özüm də gedib əyləşdim onun mənzilində, onu da göndərdim öz mənzilimə. Qızın mənzilindən məni götürüb buraya gətiriblər. Sənin yanında oturan həmin həbəş qızıdır ki, mənim yolumda canından keçibdir. Ata, əmrində baqi qal. Mən bu oğlanı sevirəm. Əgər bizim izdivacımızı öz şəninə layiq bilmirsən, buradan başımızı götürüb bir elə diyara gedərik ki, bizim harada olduğumuzu əsla bilməzsən. Padşah. Bu mümkün deyil. Bu saat səni də öldürəcəyəm! Padşahınqızı. Mən Rizvanla bir yerdə ölməyə hazıram! Amma bu, ədalətdirmi? Padşah. Ədalət mənim xahişimdir. Götürün bu oğlanı atın birinci qapıya, dalınca bu həbəş qızını atınız! Qızımın tənbihini Xacə Firuzla bir yerdə edəcəyəm. Götürün! Fərraşlar istəyirlər Rizvanı götürsünlər. Xacə Firuz (yeriyir qabağa). Dayanın, qardaşlarım! (Hamı dayanır.) Mən qoca xacə Firuz altmış ildir ki, bu dərbarda xidmət edirəm. Bu altmış ilin müddətində bu məmləkətdə ədalət nə olduğunu mən görməmişəm. Camaat həmişə azar və əziyyətdə. Ahu-nalə və nifrin göyə dirənibdir. Bu padşahın sayəsində hökumət ərkanı həmişə camaatı quldur tək soymağa məşğuldur. Camaatın əkdiyi, biçdiyi, qazandığı bunun ümərayi-dövlətinin və onun ətrafında duran bu müftəxorların cibindədir. Camaat ac, göz yaşı tökür. Amma bunlar yeyib şişirlər. Bu padşah taxta əyləşən gündən İndiyədək səlahi-məmləkət və camaat üçün bir dəqiqə də olsun fikir etməyib. Peşəsi vəzirləri başına yığıb, camaata azar vermək üçün ənvai-tənbihlər icad etməkdir. Gah Hİndistanda camaat pulu ilə əfi ilanlar gətirdir və ya meşələrdən yırtıcı heyvanlar gətirib, müqəssirləri onlarla güləşdirib, ləzzət aparır. Qardaşlar, budur onun hökumətinin camaata xidməti! Onun axırıncı icadı da bu cəhənnəm qapılarıdır ki, adına “Ədalət qapıları” deyir. Arxadaşlar, dəxi kifayətdir! Göz yaşları silab tək məmləkəti tutub. Buna davam etmək olmaz. Mən qoca Xacə Firuza siz həmişə ata deyibsiniz. İndi də mənim ata sözümə qulaq asın. Alın bu zalım padşahın özünü və yanındakı xunxarları, onun öz tikdirdiyi binanın içinə atın! Qoyun qazdığı quyuya özü düşsün! Padşah (qalxır ayağa, qeyz ilə). Məlun, nə cürət edib bu sözü deyirsən? (Qılıncı çəkir. Əmələlər padşahın və yanındakıların üzərinə hücum edib qılınclarını alıb, özlərini tuturlar.) Xacə Firuz. Mən yetmiş il dünyada ömr eləmişəm. Heç kəs bu müddətdə məndən yalan və yamanlıq görməyibdir. Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Götürün, qardaşlar! (Əmələlər padşahı və vəzirləri atırlar odun içərisinə. Xacə Firuz Rizvanla padşahın qızını əl-ələ verdirir.) Baxın, qardaşlar, budur ədalət! Hamı. Yaşasın ədalət! Yaşasın qoca atamız Xacə Firuz! * * * == Ağac kölgəsində == Ağac kölgəsində Dram, iki pərdədə İştirak edənlər Mustafabəy – mülkədar Gülməmməd – onun darğası Ocaqverdi – kəndli Gülpəri – onun qızı, Mustafa bəyin siğəsi MirzəKərim – kənd müəllimi Kənd əhalisi, qadınlar, çocuqlar * * * Birinci pərdə Əhvalat vaqe olur. Mustafa bəyin evinin qabağında. Səhnənin ortasında bir böyük ağac. Gülpəri ağacın altında bir böyük xalça və döşək salıb ətrafına su səpir. Neçə nəfər kəndli, əllərində torba, xurcun, müntəzir durubdurlar. Sair kəndlilər, əllərində oraq, balta, bel, kürək səhnədən gəlib, yığılanlara salam verib keçirlər. Ocaqverdi (əlində torba, Gülpəriyə). A qız, ağan hələ gəlməyibdir ki? Gülpəri. İndicə atdan düşüb, dədə, bu saat gələr. Amma çox hirslidir. Ocaqverdi. Yenə nə xəbərdir? Gülpəri. Nə olacaq, səhər darğa xəbər gətirdi ki, bu gecə Atakişi oğlu Cəfər su oğurlayıb. Kəhrizdən qol ayırıb, aparıb pambığını suvarıb. Bəy də çox hirsli durub, atını minib getdi. İndi Cəfərin boğazına ip salıb, yəhərin dalına bağlayıb burayadək sürüyüb. Yazığı o qədər döydürübdür ki, bədənində sağ yer qalmayıb. (Səs gəlir.) Budur, ağa gəlir. Hamı kənara çəkilir. Mustafabəy (daxil olur). Heyvan uşağı heyvan! (Gülpəriyə) Ay qız, get ayran gətir. (Gülpəri gedir.) Heyvan uşağı heyvan! (Oturur ağacın dibində.) Nə halal qanırlar, nə haram. Zalım oğlu, pambığa su lazımdır, insan kimi gəl istə, apar. (Camaata.) Hamınız haramxorsunuz, hamınız oğrusunuz! Guya Allah buyuran yolla su aparıb, pambıq məhsulunun dörddən birini bəyə versəniz, canınız çıxar. Odur ki, Allahın qəzəbi sizə keçib, əkinlərinizi gah çəyirtkə yeyir, gah dolu vurur, gah quraq aparır. Özünüz də yaz əkinçi, qış dilənçi. (Gülpəri kasada ayran gətirir, bəy içir.) İndi, budur, buraya yığılıbsınız, nə istəyirsiniz?.. Birincikəndli. Ağa, çörəyimiz qurtarıb, bir az arpaya gəlmişik. Özün bilirsən, biçin vaxtına bir şey qalmayıb, xırman vaxtı gətirib verərik. Mustafabəy. Budur... Iki aydan sonra arpa döyəcəksiniz. İndi acından ölürsünüz. Nə qədər arpa lazımdır? Birincikəndli. Adama yarım çuval olsa, bəsdir. Mustafabəy. Adama yarım çuval verərəm, bəşərtiha xırmanda hər biriniz bir çuval arpa verərsiniz! İkincikəndli. Ay ağa, axı biz sənin övladınıq. Bizi niyə belə dara qısnayırsan? Mustafabəy. Əskik olmaz. Istəmirsiniz, canınız çıxsın, acından qırılın. Zalım uşaqları, mənimlə şərikli kəhriz çıxartdırıbsınız ki, suyumu da oğurlayırsınız?! Ocaqverdi. Uşaqlar, danışıq lazım deyil, bəy bir çuval istəyir, biz də bir çuval verərik. Gəlin bəri. Mustafabəy. Ocaqverdi, sən çox baş aparırsan. Yoxsa güman edirsən ki, qızın mənim evimdədir, sənə mən heç bir şey edə bilmərəm? Vallah, səni Cəfərdən pis kökə qoyaram! Ocaqverdi. Bəy, bizim canımız bərkdir. Hər şeyə davamımız var, nə olar, döyəndə döyərsən. Qızımı zorla evimdən çəkdirib aparıb özünə siğə elədin, əlimdən nə gəldi ki, yenə də nə gəlsin? Mustafabəy. Sənin qızın mənim evimdə arvaddır, sən gərək fəxr eləyəsən. Nəinki boş-boş danışırsan. (Mirzə Kərim görünür). Hamınızı, bax bu gələn (göstərir) xarab eləyib. Ocaqverdi kəndlilərə əl edir, hamısı gedirlər. Gülpəri. A bəy, axı Cəfər kişi ölür. Bədənində salamat yer yoxdur. Ölü kimi yıxılıb, nəfəsi də çıxmayır. Boğazından bir damcı su keçməyir. Mustafabəy. Heç zad olmaz. Rəiyyət canı it canından bərk olar. Get gedələrə deginən bədəninə təpitmədən zaddan salsınlar. Gülpəri gedir. Mirzə Kərim (daxil olur). Salaməleyküm. Mustafabəy. Təzə qəzet alıbsanmı? Nə var nə yox, yenə nə yalanpalan yazıblar? Mirzə Kərim. Yalan-palandan sonra sənə söylərəm. Ancaq, bəy, yaxşı iş görmürsünüz. İndi bu saat Cəfərin oğlu gəlmişdi yanıma, deyir, bəy atamı o qədər döyübdür ki, atam ölür. Bəy, doğrusu, belə işlərin axırı xeyir olmaz. Mustafabəy. Mirzə Kərim, bu kəndin içində bircə ağıllı adam sənsən. Sən də bu cür danışanda mən təəccüb edirəm. Mən xərc çəkmişəm, pul tökmüşəm, qat-qat qabıq qoyub, kəhriz çıxartmışam. Camaatdan mən suyu müzayiqə etmirəm, gəlsinlər aparsınlar. Amma qaydası ilə, Allah buyuran yolla. Nəinki oğurluqla. Sən də, eşidirəm, camaata nəsihət etməkdən, onları başına yığıb hamısını da xarab eləyirsən. Budur, camaat tamam itaətdən çıxıb. Camaatı yığıb onlara qəzet oxuyursan, nə bilim, Rusiyədə bəyləri güllə qabağına qoyurlar, mülklərini alıb camaata verirlər, daha nə qayırırlar bilmirəm. Axır bunlar nəyə lazımdır? Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. İndi uşağı da dİndirmək olmur. Mirzə Kərim. Bəy, camaatın müəllimi mən deyiləm, vaxt özü müəllimdir, zəmanə özü müəllİmdir. Qaranlıqda qalanların, işıq arzusunda, əsarətdə, zindanda qalanların azadəlik arzusunda olmaları təbiidir. Dörd ətrafı işıq tutan zaman qapıları basıb camaatı işıqdan məhrum etməyin nəticəsi bu olar ki, təqazayi-vaxt o qapını açar və bağlayanı cəzasına yetirər. Bağışlayın, bəy, söhbət düşübdür, danışıram. Odur, Cəfər kişinin boğazına ip salıb sürütdüyübsən və özünü də o qədər döydürübsən ki, İndiyədək özünə gəlməyib. Bunun adını nə qoymaq olar? Məgər İndi xan əsridir? Camaatın ayağı Tiflisdə, Bakıda, Gəncədə. Hamısının gözləri açılıb, hamısı ayılıblar. Naçalniklərə, pristavlara, yasavula bel bağlamaq olmaz. Camaat qisası sel tək axarsa, onun qabağını almaq çətin olar. Siz İndi buyurdunuz ki, pul qoyub kəhriz çıxartmışam. Haradandır o pul? O pul rəiyyətlərin əziyyətinin nəticəsi deyilmi? Buyurursunuz qat-qat qabıq qoymuşam. Xeyr, yalandır. Siz qabıq qoymamışsınız. O qabığı bu fəqir camaat qoyub. Siz ancaq fəhlənin başının üstünü zalım kimi kəsdirib, tamaşa eləyibsiniz. Kəhrizi çıxaran fəhlədir. Bunlar keçəndən sonra Cəfər kişi su oğurlayıb. Sənin oğlun ona suyu bir gecəlik satıb, pulunu alıb şəhərə kefə gedib. Bunu mən təhqiq etmişəm. Mustafabəy. Qurtardın? Mirzə Kərim. Bəli, bəy, qurtardın. Bağışlayın, başağrısı oldu. Mustafabəy. İndi də mən deyim. Mirzə Kərim. Buyurunuz. Mustafabəy. Bilirsən, Mirzə Kərim, mən sənin xatırını çox istəyirəm. Çünki doğrudan da başıdolu oğlansan. Amma səndən mən təvəqqe edirəm, gündüz gedib şkolada dərsini verib, qayıdıb evində oturarsan. Səndən də qabaq burada müəllim var idi. Nə camaat onu tanıyırdı, nə o camaatı. Sən uçitelsən, dərsinə məşğul ol. Sənin nə borcuna, bəy belə gəldi, rəiyyət belə getdi. Qəzet alırsan, özün oxu. Yığıb onlara qəzet oxumaq lazım deyil. Camaat qəzeti nə eləyir? Qoy getsinlər əkinlərinin, biçinlərinin dalınca. Yenə sənə deyirəm, ağıllı ol, sən bir ağıllı oğlansan. Bir kasıb kişinin oğlusan, gəlib burada bir parça çörək yeyirsən. Mən istəmirəm ki, bizim aramızda inciklik olsun. Mirzə Kərim. Bəy, mən sizin xeyrinizi dedim. Mən yoxsul bir müəllim babayam. Haraya getsəm, beş uşağa dərs verib dolanacağam. Mülküm yox, evim yox, malım yox, qovulmaqdan da qorxmuram. Dustaqxanaya saldırarsan, bir parça çörək yeyib Dustaqlara dərs verərəm. Sürgün elətdirərsən, haraya getsəm, müəllimlik mənə çörək verəcək. Amma vay sizin halınıza. Buna görə də mən sizin öz məsləhətinizi deyirəm. Yoxsa, bir ehtiyacım yoxdur. Axırı sizin üçün pis keçər. Mustafabəy. Mənim üçün pis keçərsə, əlacını da özüm elərəm. Səndən təvəqqe edirəm camaatın işlərinə qarışmayasan. Hamını xarab edibsən. (Bu halda Ocaqverdi, əlində torba, keçir.) Nə halalı haramdan seçirlər, nə aldıqlarını verirlər. Budur, haman bu Ocaqverdi üç il tamamdır, beş manat alıb vermir. Ocaqverdi (dayanır). Bəy, necə beş manat? Mustafabəy. Yadındadırmı ki, sənin evində qonaq qalan kazakın qamçıçı itmişdi. Kazak səni ağac altına salıb öldürürdü. Beş manat kazaka verdim, səni qurtardım. Ocaqverdi. Yadımdadır. Mustafabəy. Vaxti ki, yadındadır, niyə İndiyədək borcunu vermirsən? Ocaqverdi. Bəy, mən səndən təvəqqe elədim ki, kazaka pul verib məni qurtarasan? Mənim belim ata-babadan ağaca öyrənib. Yüz dəfə sən döyübsən, qoy bir dəfə də kazak döysün. Nə olardı, ölməyəcəkdim ki! Əlbəttə, döyüb, döyüb çıxıb gedərdi və borc pul lazım olsaydı, aldığım yeri bilərdim. Bir də mən belə güman elədim ki, sən o pulu kazaka peşkəş verirsən. İndi ki, borc hesab edirsən, baş üstə, gedib bu saat gətirim. (Mirzəyə) Mirzə Kərim, gör yanında pul varsa, beş manat ver. Sabah həftə bazarına inək aparacağam satmağa, satıb gətirib pulunu verərəm. Mirzə əlini salır cibinə. Mustafabəy. Bəs mənim pulum üç ildir qalıb, onun müamiləsi necə olsun? Mən hesab eləmişəm, sənin mənə olan borcun müamiləsi ilə bir yerdə iyirmi dörd manat elər. Mirzə Kərim. Bəy, siz belə etməyin, belə işlərə insaf yol verməz! Mustafabəy. Mən gərək bunların nəfəsini kəsim ki, ağılları başlarına gəlsin. Ocaqverdi. Mirzə Kərim, heç bir söz lazım deyil. Belə dövlətli bəy istəyən yerdə, mən çulucırıq verəcəyəm. Istər iyirmi dörd manat olmasın, yüz iyirmi dörd manat olsun. Bəy, sabah pulun çatar. Bir günün də müamiləsini gələrsən üstünə, hər nə qədər edərsə, alarsan. Mən kasıb babayam, budur, arpa aparıram, çörək eləyib yeyəcəyəm. Amma sənə plov lazımdır, üstündə yağlı əmlik əti olsun. Mustafabəy (hirsli). Di, sürün get. Gözünə girsin iyirmi dörd manat. Ocaqverdi. Xeyr, bəy, gözümə girməz, qəpiyinədək gətirib verəcəyəm. Yeyib gecələr də rahat yatasan! (Gedir.) Camaat, dallarında torba, keçirlər. Mustafabəy. Bihəya oğlu bihəyanın danışığına bax! Mirzə Kərim, bunlar hamısı sənin kələyİndir. Mirzə Kərim. Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar. Uşaq (qəzet gətirir). Mirzə, dəftərxanadan göndəriblər. Mirzə Kərim (qəzeti açır). Qəribə işdir! Şəhərdən uzaq olmağın səməri budur. Mustafabəy. Nə olubdur? Mirzə Kərim. Təzə qəzetdir. Bakıdan gəlib, “Kommunist”. Mustafabəy. Kommunist? Yəni nə olsun? Mirzə Kərim. Kommunist nə olduğunu camaat sizə anladar. Bakıda Şura hökuməti elan olundu. Dövlətlilərin mal, əmlakı keçir ümumi camaat ixtiyarına. Fabriklər, zavodlar hamısı camaat malı olur. Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Mustafabəy. Yalandır, yalan! Elə şey ola bilməz. Kimin nə ixtiyarı var mənim ata-babadan qalan mal-dövlətimi, əmlakımı əlimdən alıb, camaata paylasın?! Yalandır! Mirzə Kərim (qəzeti göstərir). Budur, baxın. Mustafabəy. Nəyə baxacağam! Hansı savadla baxacağam? Bu yalandır. Görəsən hansı əli dinc durmaz bu qəzeti yazıb göndəribdir. Mirzə Kərim, təvəqqe edirəm, bu qəzeti bir adama göstərmə. Mən şəhərə atlı göndərərəm, bir səhih xəbər gətirsin. (Çağırır.) Gülməmməd! (Gülməmməd daxil olur.) Gərək bu saat atı minib şəhərə gedəsən. Gülməmməd. Bəy, Cəfər öldü. İndi necə eləyək? Mustafabəy. Nə danışırsan? Necə öldü?.. Gülməmməd. Həqiqət, öldü. Mustafabəy (hövlnak qalxır). Gedək! (Ürəyi darıxmış yıxılır Gülməmmədin qucağına.) Mirzə Kərim. Ölməz, qorxma, yuxuya gedib. Ayılıb başqa bir dünya görəcəksən. Qisas dünyası!.. Pərdə * * * İkinci pərdə Həmin yerdə. Mustafa bəy və Gülməmməd söhbət edilər. Mustafabəy. A balam, bu kəndə nə olub? Xarabaya dönüb, bir insan görünmür. Gülməmməd. Camaat axşamdan gedib, vaxtdır, İndi qayıdarlar. Mustafabəy. Haraya gediblər? Gülməmməd. Həftə bazarına. Axşam yüzbaşı hökm gətirmişdi ki, Bakıda təzə hökumət əmələ gəlib. Nə bilim, deyirlər ki, bəylərin yerlərini bütün alıb rəiyyətə paylayacaqlar. İndi həftə bazarına hökumət adamları gəlib. Camaatı oraya çağırırlar ki, təzə zakonu onlara xəbər versinlər. Bu xəbər gələn kimi uçitel Mirzə Kərim camaatı yığıb başına dedi: gərək kənddə bir nəfər başıpapaqlı qalmaya. Hamını da həftə bazarına apardı. Yüzbaşının da ayağına buxov vurub, tövləyə saldılar. Camaatdan ayağına gücü çatan, həmin saat piyada yola düşdü. Qalanı da adama bir at, iki adama bir at minib getdilər. Mustafabəy. Bəs bunu niyə mənə xəbər vermədin? Gülməmməd. O vədə sən yatmışdın. Oyatmağa cürət eləmədim. Bir də, bəy, xəbər verməyin nə faydası?! Buranın bəyi Mirzə Kərİmdir. Camaatın uşaqlarının başlarını tutub bir-bir kəsə, ondan inciməzlər. Mustafabəy. Mirzə Kərim də gedib? Gülməmməd. Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Mustafabəy. Nə çarə qılım? Pristava neçə dəfə dedim. Naçalnik bizə gələndə ona yalvardım, bu nadürüstü mənim başımdan rədd eləsin, söz verdi. Sonra şkolalar böyüyü gəldi. O da deyir ki, bəy, İndiyə tək bu kənd şkolası on-on beşdən artıq şagird görməyib. Amma Mirzə Kərim yetmişdən artıq yığıb. Belə əvəzsiz müəllimi heç vaxt götürmək olmaz. Deyir, əgər şkola tutsa, camaat ona iki yüz uşaq verər. Xülasə, ondan da əlac olmadı. İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə! Gülməmməd. Bəy, özün də boşluq eləyibsən. Nə olardı, gədələrin birinə min manat verəydin, qulağının dibinə bir güllə qoyaydılar, yataydı yerə!.. Mustafabəy. Elə onu de də! O da mənim axmaqlığımdan! Bundan sonra onun qabağında durmaq olacaq?! Gülməmməd. Bəy, mən bundan da bədtərindən qorxuram. Mustafabəy. Necə bədtərindən?! Gülməmməd. Qorxuram, canımız da əldən gedə. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ələlxüsus ki, həftə bazarından ağzı yelli gələlər. Hətta bunu sizə demək istəyirdim. Gedəndə deyirdi ki, bazardan qayıdandan sonra Mustafa bəyi yüzbaşıdan pis kökə qoyacağam!.. Mustafabəy (fikrə gedir). Yaman günə düşmüşük. Doğrudan da, haramzadədən nə desən çıxar. Bilirsən, Gülməmməd, biz burada dayana bilməyəcəyik. Uşaqlara deginən atları çəksinlər, minək, bir yana çıxaq. Gülməmməd. At nə gəzir minəsən. Mustafabəy. Necə? Nə söyləyirsən?! Gülməmməd. Söyləmək yoxdur, axşam mehtər tövlənin qapısını açıb, atların hamısını verdi camaata! Sənin kürən atını da Mirzə Kərim mindi. Mustafabəy. Bircə a nadürüst mehtəri buraya çağır, onun atasına od vurum. Tez çağır! Gülməmməd. Burada mehtər nə gəzir, çağırım! O da mənim atımı minib gedib. Mustafabəy. Bəs, o bədbəxt oğlu, niyə gəlib mənə xəbər vermədin? Yatmışdım, ayağımdan sürüyüb oyada idin. Gülməmməd. Çox da oyatdım, nə faydası? Bir az da hörmətin gedəcək idi. Mehtərə mən deyəndə ki, ay balam, mənim atımı niyə minirsən, dedi, dayan, bazardan gəlib sənin özünü minəcəyəm. Hələ çox söz dedi, doğrusu, demək istəmirəm. (Bir az dayanıb) Hələ sənin də haqqında bir az artıq-əskik danışdı. Deyir, ağanla sən mənə eşşək arpası yedirtmisiniz. İndi də plovu yeyib arpanı sizə yedirdəcəyəm. Xülasə, çox baş apardı. Mustafabəy. Yox, iş qorxuludur. (Gülməmmədə) Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar. Gülməmməd. Bəy, bu kənddə başıpapaqlı bir sənsən, bir də mən! Mustafabəy. Bəs nə etməli, nə çarə etməli? Gülməmməd. Özünü toxtaq saxla, budur, camaat qayıdır. Mustafabəy (həyəcanla gəzir). Yox, yaman yerdə axşamladıq. Hamısını eləyən o Mirzə Kərİmdir. (Cavan bir kəndli səhnədən keçir.) Ay gədə, bir dayan görüm.(Kəndli dayanıb əyri-əyri baxır.) Keçəndə niyə salam vermirsən? (Kəndli cavab verməyib keçərkən) A gədə bir dayan! Cavankəndli (dayanır). Nə deyirsən? Mustafabəy. Haradan gəlirsən? Cavankəndli. Həftəbazarından. Mustafabəy. O Bakıdan gələnlər kİmdir? Nə danışırdılar? Cavankəndli. İndi vaxtım yoxdur, sonra deyərəm. (Gedir) Mustafabəy. Bihəyanı görürsən! Gülməmməd. Allah bədtərindən saxlasın. Mirzə Kərim səhnədən keçir. Mustafabəy. Mirzə Kərim, Mirzə Kərim. Bir buraya zəhmət çək. Camaat dəstə ilə keçir. Mirzə Kərim. Nə buyurursan, bəy? Mustafabəy. Bircə sən bu işləri mənə başa sal! Mirzə Kərim. Mən, doğrusu, heç bir şey başa sala bilmərəm! Mustafabəy. Bu Bakıdan gələnlər necə şeydir? Mirzə Kərim. Bəy, mən bir neçə illərdir ki, bu barədə danışırdım. İndi dəxi sözüm yoxdur. Bundan sonra camaatla özünüz danışacaqsınız. Mən vəzifəmi qurtarmışam! Mustafabəy. Doğrusu, mirzə, camaatın halını pis görürəm. orxuram, məni bihürmət eləyərlər. Sən onlara nəsihət elə. Deginən ağsaqqal ağanızdır, onun hörməti vacibdir. Əgər istəmirlər, baş üstə, mən elə bu gün buradan baş götürüb gedərəm. Kənd də sizin, mülk də sizin, əkin də, su da, heyvanlar da... Mirzə Kərim. Bəy, cavabını bir neçə gün bundan qabaq döydürüb öldürdüyünüz Atakişi oğlu Cəfərin oğlu sizə verər. Mən çox dedim. Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdiniz! Mustafabəy. Mirzə Kərim, avamam, savadım yoxdur, dərsim yoxdur. Başa düşməmişəm. Amandır, camaat hamısı sənin sözünə baxır. Gərək mənə sən bir təhər çəkəsən! Mirzə Kərim. Səhv edirsiniz, bəy. Heç bir savad əhli sən görən işi bacarmaz. Heç bir alim ustalıqda sizə çatmaz! Siz nə buyurursunuz! Bağışlayın, mənim əlimdən heç bir şey gəlməz. Budur, camaat gəlir. Söhbəti eləyə bilərsiniz. Mirzə Kərim çəkilir kənara. Bu dəstə camaat, qabağında Ocaqverdi, əli ndəqırmızı örtülü tabaq daxil olur. Səhnə oğul-uşaqla dolur. Ocaqverdi (baş əyir). Bəy, sən İndiyədək bizə ağalıq eləyibsən. Babalarımız sənin babalarına qulluq edib. Atalarımız atanızın qapısında olublar. Özümüz də özünüzə nökər olmuşuq. İndi də işlər dəyişib. Hamı bəylərin yerləri və dövlətləri rəiyyətə paylanır. Biz də borc bilirik, gəlib səndən İndiyədək gördüyümüz insaniyyətin, yaxşılığın razılığını edək. Həmişə qapına taxıla, pula gəlmişik, çörəyə gəlmişik, heç vədə əliboş yola salmayıbsan! Biz səndən çox razıyıq. Allah səndən razı olsun. Mustafabəy. Camaat, Allah bilir ki, mən heç vədə sizi öz övladımdan seçməmişəm. Həmişə sizin xoşbəxtliyinizi istəmişəm. Doğrudur, bəzinizi incitmişəm, ola bilsin döymüşəm, ya söymüşəm. Hamısını atalıq, böyüklük cəhətincə eləmişəm. Amma yenə də təvəqqe edirəm məni bağışlayasınız!.. Mən özüm öz xoşumla var-yoxumu sizə verib, bu gün buradan gedəcəyəm. Ocaqverdi. Allah sizdən razı olsun, ağa! Biz səndən çox razıyıq və səni buradan heç yana qoymayacağıq gedəsən! Gərək həmişəlik bizim içimizdə qalasan. (Tabağı qoyur yerə.) Bu peşkəşi də təvəqqe edirik biz nökərlərinizdən qəbul edəsən. Mustafa bəy peşkəşi alır, örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görüb rəngi qaçır və özünü itirir. Ocaqverdi. Bəy, bu bir şey deyil, bu həmin Cəfər kişinin boğazına çalıb sürütdürdüyün kəndirdir. Bilirsən, bəy, sən bu ağacı çox sevirsən və həmişə də deyirdin ki, mən vəsiyyət edəcəyəm ki, öləndə məni bu ağacın dibində basdırsınlar. İndi biz də belə məsləhət görmüşük ki, səni bu ağacdan asaq, həmin bu qanlı iplə və bədənini də öz vəsiyyətinə görə burada basdıraq! Ta həmişəlik bu sevgili ağacın kölgəsində yatasan. Bu istəkli nökərin Gülməmmədi də səndən ayırmayacağıq. Zəhmət olmasa, ayağa qalx! (Mustafa bəy istəyir söz desin, dili tutulur, söz deyə bilmir.) Uşaqlar, deyəsən bəyin qıçı ağrıyır, ayağa qalxa bilmir. Heç zəhmət verməyin! Gəlin özünüz götürün! (Bəyə) Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Üç dəqiqdən sonra ruhun cənnətdə plov yeyəcək. Gətirin, uşaqlar. (Neçə nəfər cavan, bəyi gətirib ağacdan asırlar.) Gülməmmədin də qollarını bağlayın. Gülməmmədi də tuturlar. Gülpəri (daxil olur). Bunumu istəyirdin, Mustafa bəy? İndi al payını! Camaat, mən sizin qızınızam. Bu zalım məni güclə atamın əlindən alıb, gətirib zindana salıb, İndiyədək əzab verirdi. İndi bu cəzasına çatdı. Mən də bunun qapısını sizə açıram. Gəlin nə qədər pulu, malı, dövləti, qızılı var, hamısını aparın. Hamısı sizə Qurbandır. Camaat tökülüşürlər. Mirzə Kərim (qabağa yeriyir). Camaat, sakit olun. (Hamı sakit olur.) Mustafa bəyin dövlətindən gərək heç şey dağılmasın. Hamısı gərək siyahiyə salınsın və qayda üzrə camaat vəkillərinin ixtiyarına verilsin ki, onlar da camaata təqsim etsinlər. İndi, camaat, min illərlə boynumuzda olan əsarət zənciri qırıldı və bu əmlaka siz sahib oldunuz. Siz də gərək sübut edəsiniz ki, bu nemətlərə layiqsiniz. İndiyədək bəylərə işləmisiniz, İndi özünüzə işləyəcəksiniz. Bəy sizi zorla işlədib, İndi isə özünüz həvəslə, uşaqlı-böyüklü çalışasınız və ikiqat, üçqat zəhmət çəkib bu ixtiyarınıza keçən mülkü abad edəsiniz. İndiyə qədər gündüzlər işləyib gecələr yatıbsınız. İndi isə lazım olsa gərək gecə də işləyəsiniz. Gərək sizin hər birinizin daxmalar əvəzinə gözəl imarətiniz olsun. Qapınızda heyvanlarınız olsun. Evlərinizdə elektrik çıraqları yansın. Yavan çörək əvəzinə plov yeyəsiniz. Bunun hamısı zəhmətlə olar. İndiyədək hökumət pulun əlində idi. Bundan sonra hökumət zəhmətkeşlərin əlində olacaq. Ağ əllərin dünyası məhv oldu. İndi yaşasın qabarlı əllər!.. Camaat. Yaşasın Mirzə Kərim! Yaşasın bizim müəllimimiz!.. Mirzə Kərim. Analar, bacılar! Siz də cəhrələrinizi, daraqlarınızı sazlayın, başlayın yun əyirməyə, şal toxumağa. Sizin yolunuzda qanlar töküləcək. Çünki hələ dünya təmizlənməyibdir. Mustafa bəylər çoxdur. Bu yolda çalışan cavanlarımıza libas lazımdır. Bunu siz analar verəcəksiniz. Xırda uşaqlar da gərək məktəbə getsinlər. Çünki bizim gələcək ümidlərimiz balalardır. Məktəbimiz dar olmağına görə Mustafa bəyin evini məktəb və camaat evi qayırırıq. Haydı, qardaşlar, ürəklə yapışın kotanın dəstəyindən! Yaşasın zəhmət! Məhv olsun zülm! Camaat. Yaşasın zəhmət! Yaşasın Mirzə Kərim! Mirzə Kərim. Yaşasın camaat hökuməti! * * * == Vaveyla == Vaveyla İki pərdəli dram İştirak edənlər FazilDərbəndininheykəli Molla Kazım – İranda falabaxan, Qafqazda mərsiyəxan. Qoca arvad Cavan oğlan Qoca kişi Molla Cabbar – İranda meymunoynadan, Qafqazda şəbihgərdan. KərbəlayiXudaverdi Əkbər – onun oğlu Əkbərinarvadı Əkbərinanası Rəsul – arif bir bir oğlan KərbəlayiQədim Bir nəfər erməni arvadı İranlı bir oğlan Mo llaQurban – İranda Dərviş, Qafqazda şəbihgərdan Şəhər əhalisi, arvad-uşaqlar * * * Birinci pərdə Pərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və kəndirin ucları Fazilin əlində. Fazil gah məclisə, gah ətrafındakılara baxır. Fazil. İsməu-ifhəmu-ya əyyühəl-qafilun. Eşidin və ayılın, ey Allahın xabi-qəflətdə uyumuş bədbəxt bəndələri! Açın gözlərinizi və kar qulaqlarınızdan pənbeyi-qəfləti kənar ediniz. Mənəm qabağınızda duran, mənəm məşəli-dini-islam, mənəm əfzəlül-üləma, mənəm Fazil Dərbəndi... (Məclisə.) Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb təzim etmirsiniz?! Fikir edin, hamınız öləcəksiniz və siz ki belə fikir dəryasına qərq olubsunuz, aya, qiyamətə nə sifətlə gəlib, günahlarınıza nə üzr gətirəcəksiniz? Huşunuzu başınıza cəm edin, tövbə qapısı həmişə açıqdır. Qorxun qiyamət əzabından, niyə sakit əyləşib etina etmirsiniz? Yoxsa günahlarınızın hesabının çoxluğu sizi mat edibdir? Qorxmayın, qorxmayın. Bir qətrə göz yaşı sizin cəmi günahlarınızı yuyub aparar. Isməu- ifhəmu-ya əyyühəl-qafilun. Mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Hər kəs ağlaya, ağlada və ya ağlayana özünü oxşada behişt ona vacibdir. Bunu mən deyirəm, mən molla ağa Fazil Dərbəndi deyirəm sizə, məhərrəm ayı yaxınlaşır, ağlayın, başınıza döyür... Sinələrinizi qara daşla əzin, başınıza saman tökün, hər nə günah etmiş olsanız, istər səğirə, istər kəbirə, hamısı bir anda bağışlanar. Baxın mənim ətrafımdakı möminlərə. (Ətrafdakılar dizləri üstə çöküb, ağlaşırlar). Budur məşhur tacir, dünyada nə arşını, nə tərəzisi düz olmayıb, peşəsi avam kəndlilərə çürük malı ikiqat qiymətə aldadıb satmaq olub, neçə yetimə qəyyum olub, mallarını yeyib... Amma, ey qəflətdə yatanlar! Ey imansızlar! Bilin, bircə dəqiqə aşura günü sidqi-dildən ağlamağına görə cəmi günahları bağışlanıb, özünə də mənimlə bir yerdə behiştdə məkan verilib. Budur, iyirmi sənə qalabəyilik etmiş. Budur, otuz il kəndxudalıq edən. Budur, məşhur qoçu ki, əlindən hesabsız qanlar tökülüb. Budur, məşhur şürbi ki, ildə on bir ay ayıq olmayıb. Bircə məhərrəm ayı içkini kənar qoyub, təziyədar olub... Görün bunları, ibrət edin. Bir bu qədər işləri görəndən sonra, yoxsa yenə inanmırsınız? Dürüst fikir edin, özünüzə, övladınıza yazığınız gəlsin. Bilin ki, bir qətrə göz yaşı nəinki sizin, hətta ata-babalarınızın da günahlarını yuyub aparır. (Ətrafdakılar yenə ağlayırlar.) Bunu mən deyirəm, mən Fazil Dərbəndi, mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Gedin, ey Allahın mömin bəndələri. (Gedir, camaat da dalınca.) Səhnənin dalından Molla Kazım əmmaməsiz, başında papaq, yanında bir qoca arvad, bir cavan oğlan və bir qoca kişi daxil olurlar. Molla Kazım daş üstə əyləşir. Molla Kazım. Hə, söyləyin görüm, dərdiniz nədir? (Arvada) Bacı, sən yavuğa gəl, (qalanlara) siz bir qədər kənara gedin, bəlkə bacının dərdi xəlvətdir. Çəkilirlər. Qocaarvad. Bəli, Qurbanın olum, mən gərək sözümü axund ağaya xəlvət deyim. Molla Kazım. Onlar getdilər, sözünü de... Qocaarvad. Molla Kazım, ayaqlarının altında ölüm, göydə Allah, yerdə sənin ətəyindən tutmuşam. Nə istəyirsən məndən al, mənim dərdimə əlac elə. Molla Kazım. Müxtəsər elə, görürsən xalq məəttəldir. Dərd bir sənin dərdin deyil. Qocaarvad. Deyirəm, sənə Qurban olum, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Üç il bundan qabaq gedib oğluma bir gəlin gətirmişəm. Necə gəlin! Bir gül parçası, bircə eybi yoxdur ki, övladı olmur. Oğlum deyir: o sənin ayağının ağırlığındandır, bunun əvəzinə gedib başqa arvad alsaydın, yəqin imdi iki uşaq atası olardım. Molla Kazım. Oğlun bu saat haradadır? Qocaarvad. Oğlum, başına dönüm, bu səhər Təbrizə yola düşdü və tapşırdı ki, əgər mən Təbrizdən qayıdıb arvadımı hamilə görməsəm, haman gün boşayacağam və səni də o qədər döyəcəyəm, bədənin qara tuluğa dönüncə. Başına dönüm, Molla Kazım, əl mənim, ətək sənin. Ya əlimi kəs, ya ətəyimi... Molla Kazım. Çox əcəb. Müalicəsi asandır. Belə arvadların çoxusunu mən müalicə etmişəm. Qocaarvad. Bilirəm, sənə canım Qurban, odur ki, ətəyindən yapışmışam. Molla Kazım. Cəmi şəhərdə bizim ocağın kəraməti məlumdur. Qocaarvad. Ocağına Qurban olum, ay ağa! Molla Kazım. Dayan. Bu axşam gəlinini gətirərsən bizim evə. Mən onun surətinə coşən-kəbir oxuyaram və bu gecə də bizim ocaqda yatar, sübh gəlib apararsan. Qabaqca səndən bir dinar belə istəmirəm. Əgər dörd aydan sonra gəlinin hamilə olduğu məlum olsa, onda mənim xələtimi gətirərsən, yoxsa olmasa, yenə bir dinar istəmirəm. Qocaarvad. Qurban olum, axund, oğlum gəlib bilsə, sümüklərimi sındırar. Molla Kazım. Ürəyinə qara fikirlər gəlməsin, arvad, ayıbdır, günahdır. Molla Qiyas ocağına şəkk gətirənin gözləri tutular. Sənin gəlinin mənim zövcəmlə bir otaqda yatacaq. Dəxi get, camaatı məəttəl eləmə. Qocaarvad. Gedirəm, başına dönüm. Bu axşam gəlinimlə gələrəm. Mən də... Mən də gəlinlə bir yerdə yata bilərəmmi? Molla Kazım. Yox, arvad, yoxsa yenə şəkk eləyirsən? Çıx get, mən gəlininə müalicə etmirəm. Qocaarvad. Acığın tutmasın, ay axund, nə deyirəm, sən buyuran olsun. Molla Kazım. Naxoşun yanında mənim zövcəmdən başqa heç kimsə ola bilməz. Çünki gecə yarısı onu həzrət Xızır əleyhissəlam yoluxacaq, o vaxt orada yad adam ola bilməz. Qocaarvad. Həzrət Xızra da Qurban olum, sənə də. Bu bir cüt corabı da sənin adına toxuyub gətirmişəm. Bunu məndən qəbul elə. Molla Kazım. Mən dedim ki, qabaqca bir dinar almaram. Dəxi sən gətiribsən, ürəyinə dəymirəm. (Corabı alır.) Əcəb corabdır. Nəzrin qəbul olsun... Qocaarvad. Dəxi mən qulluğundan mürəxxəs oluram. (Gedir.) Molla Kazım. Xoş gəldin. (Arvadın dalınca baxıb öskürür və əllərini bir-birinə sürtür, sonra qoca kişini çağırır.) A kişi, gəl görüm sənin dərdin nədir? Qocakişi (yaxına gəlir). Molla Kazım, məni Molla Qiyas Axundun qəbrinə dolandır, mənə əlac elə. Molla Kazım. Müxtəsər elə, dərdini de. Qocakişi. Axund, Allahdan gizlin deyil, səndən nə gizlin. Budur, neçə gün olar ki, bir əyal gətirmişəm. Zalım qızı hərçi edirəm üzümə baxmır. Yavığına gedəndə elə qışqırır ki, guya ki bir ilan, əjdaha görür. Bağrım çatlayır, ölürəm, məni yerdən götür. Nə də istəyirsən al... Molla Kazım. Əyalın neçə sinnindədir? Qoca kişi. Bu da lazımdır?.. Molla Kazım. Əlbəttə lazımdır, lazım olmasa soruşaram? Qocakişi. Olar bir on dörd, on beş yaşında. Molla Kazım. Bəs nə əcəb belə bir cavan qız sənə əyallığa razı olub? Qocakişi. Burasını xəbər almasanız yaxşıdır. Molla Kazım. Yox, işin hər tərəfini bilmək lazımdır. Qocakişi. Doğrusu, onu mən oğlumun adına gətirmişəm. Amma kəbini öz adıma kəsdirmişəm. İmdi gəlib görür əri oğlum deyil, mənəm. Axşamadək gözü oğlumdadır. Mən tərəfə heç baxmır. Molla Kazım. Nə lazım belə eləyirdin ki, İndi əl-ayağa düşəsən? Qız sevmişdin, gələydin mən Molla Kazımın yanına, bir dəqiqədə düzəldəydim. Qocakişi. Keçibdir, anlamamışam, Q u r b a n ın olum, əlac elə. Molla Kazım. iki tümən pul ver. Qocakişi. Al, Q u r b a n ın olum. (Verir.) Molla Kazım (bir parça kağız çıxardır). Qızın və anasının adı? Qocakişi. Qızın adı Pəricahan, anasının da adı Gülsümdür. Molla Kazım. Pəricahan zayəndeyi-Gülsüm. (Yazır.) Al, mənim qoltuğumda hər dərd üçün dua hazırdır. Elə şəxsin öz adı ilə anasının adının yerləri qoyulur. Bu duanı dilinin altında gizlədib, gedərsən əyalının yanına, əlbəttə, sənə bundan sonra məhəbbət salar. Qocakişi. Mürəxxəs olum. Allah səni bu camaata çox görməsin. Xudahafiz. (Gedir.) Molla Kazım. Xoş gəldin. (Cavan oğlana) Sən gəl görüm, dərdin nədir? (Oğlan yaxına gəlir.) Amma sözünü müxtəsər elə, vaxtım yoxdur. Cavanoğlan. Sözüm müxtəsərdir. Amma vallah, doğrusu, xəcalət çəkirəm deməyə. Molla Kazım. Sən deməsən də mən bilirəm cavanın dərdi nə olar? Yəqin qız sevmisən, o da sənə gəlmir. Cavanoğlan. Elə ona oxşayan bir işdir. Molla Kazım. Necə ona oxşayan? Müxtəsər elə, vaxtım yoxdur! Cavanoğlan. Qız deyil, gəlİndir. Ərinə artıq məhəbbəti olduğundan, mənə məhəl qoymur. Mən də od tutub yanıram. Molla Kazım. Oğlan, sənə nə düşüb özgənin əyalına təəşşüq yetirirsən? Məgər bilmirsənmi bu, günahi-kəbirə hesab olunur? Cavanoğlan. Nə eləyim, ay axund? Ürəyə əmr vermək olmaz. Göz görüb, könül sevib. Mənim nə günahım var? Hərgah macaranı başdan nağıl etsəm, doğrudan da, mənə yazığınız gələr. Molla Kazım. Müxtəsər elə, vaxtım yoxdur? Cavanoğlan. Müxtəsərmi? Beş tümən, vəssalam. Molla Kazım. Bu, ağıl kəsən və çox müxtəsər dəlildir. Qızın adı və anasının adı. Cavanoğlan. Qızın adı Mələknisa, anasının adı da Sərəncamdır. Molla xurcundan bir şüşə çıxardır. Molla Kazım. Bu şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sürtərsən. O vaxt arvad ondan nifrət edəcək və onu əsla görmək istəməyəcək. (Bir at nalı çıxardır.) Elə ki həmin yağı sürtdürdün, üç gün ondan sonra gecə yarısı ocaq qalayıb bu nalı salarsan ocağa, nal qızarantək həmin gəlin yanında olacaq. Əgər zəncirə bağlı olsa, yenə gələcək. Gəlinin adını və anasının adını bu saat bu nalın üstünə yazaram. (Yazır.) Mələknisa zayəndeyi-Sərəncam, buyur... Cavanoğlan. Çox razıyam, axund ağa, buyurun. (Pul verir.) Gələcəkdə sənə artıq qulluq edərəm. Xudahafiz.(Gedir.) Molla Kazım. Xoş gəldin! (Pulları sayır.) Bu halda səhnənin sağ tərəfindən meymunoynadan səsi gəlir. Meymunoynadan: Ay şələküm, məəlləküm, Yeri-yeri, çoban yeri, Dağları dolan, yeri, Mərhaba, oğlan, yeri, A bərəkallah, a bərəkallah. Molla Kazım (səs gələn tərəfə baxır). Paho, ay Molla Cabbar. Molla Cabbar meymunun ipini buraxıb gəlir. Molla Kazım. Oğlan, bu nə oyundur? Molla Cabbar. Qardaş, nə etməli? Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Allah bərəkət versin, üç yoldaş bir meymunun səbəbinə çörək yeyirik. Bəs sən nə işdəsən, yoxsa mayadan yeyirsən? Molla Kazım. Niyə, mən də döy-sındır dolanıram. Duadan, filandan yazıb camaatın karına gəlirəm, camaat da mənim karıma gəlir. Allahın dövlətindən nə çoxdur dünyada baş-qulaq, nə qədər istəyirsən qırx. Doğrudur, camaat bir qədər ayılana oxşayır, caduya, filana inanmırlar, amma yenə də bizə kifayət eləyən qədər tapılır. Dərviş (sol tərəfdən). Ey dust, mövlayi-mən, həzar şükür ki, tutdum təriqi-imanı, özümə fərz elədim məzhəbi-müsəlmanı. (Daxil olur.) Salaməleyküm, ağa Molla Kazım, ağa Molla Cabbar! Əhvalişərif, dimağilətif, nə əcəb siz də buradasınız? Molla Cabbar. Və əleyküsəssalam, ağayi Molla Qurban, sən də deyəsən bu lotuluqla meydana çıxıbsan, İndi də Dərvi şlik edirsən. Molla Qurban. Nə etməli? Ilin on bir ayını bekarıq, çörək lazımdır. Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun. Molla Kazım. A kişi, sənin peşən gözəl peşədir. (Molla Cabbarı göstərir.) Bu bədbəxt oğlu meymun oynatmaqla çörək qazanır. Molla Cabbar. Mən meymun oynadıb, xalqın pulunu alıb, heç olmasa, əvəzində bir tamaşa verirəm. Sən nə qayırırsan? Yalan-palan cadularla xalqın başını tovlayıb, pulunu alırsan. Molla Kazım. Əslinə baxanda biz hamımız meymunoynadanıq! Öz aramızdır, bir yad adam yoxdur. Onu söyləyin görək məhərrəm ayı yaxınlaşıb, haraya getmək lazımdır? Molla Qurban. Mənim xəyalım Gəncə-Qarabağ tərəfə getməkdir. Xeyirli, bərəkətli camaatdır, hər il oraya gedirəm və yaxşı mənfəətlə qayıdıram. Molla Kazım. Mən özümü Bakı-Lənkəran tərəfə vuracağam. Orada mənim müridlərim çoxdur. Budur neçə ədəd kağız yazıblar, məni dəvət edirlər. Molla Cabbar. Mənim əlimdən mərsiyəxanlıq gəlməz. Meymunumu, ayıb olmasın, uşaqların anasına tapşırıb, düşəcəyəm yola, gedib Şirvan tərəfdə şəbih çıxarıb dolanacağam. Bir dənə uzun bayraq, dəbilqədən, zirehdən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Özüm də çox yaxşı Yezid, İbn-Səid, Şümür və Haris şəbihləri oluram. Yoldaşlarım da məndən qalmazlar. Molla Kazım. Bəs sənin mollalıq libasın haradadır? Molla Cabbar. Budur yanımda. (Xurcunu yerə qoyub, bir dəst molla libasını çıxarır.) Bu mən! Kərbəlayı Xudaverdi (oğlu ilə daxil olur). Salaməleyküm. Mollalar. Vəəleyküməssalam-vərəhmətullah-vəbərəkatü, haradan təşrif gətiribsiniz? Kərbəlayı Xudaverdi. Oğlumla Kərbəla ziyarətinə getmişdim, İndi oradan qayıdırıq, vətənə gedəcəyik. Burada bir düşməli karvansara yoxdurmu? Molla Kazım (göstərir). Bu küçənin axırında böyük bir təmiz karvansara var, düşə bilərsiniz. Səfəriniz harayadır? Kərbəlayı Xudaverdi. Biz Azərbaycan tərəfə gedəcəyik. Məhərrəmlik yaxınlaşır, oğlumun da bir xeyir işi var. Gərək vətənə yetirib tamam edək. Allah sizin də övladınıza qismət eləsin. Molla Kazım. Allah mübarək eləsin. Biz üçümüz də o tərəfə gedirik, yoldaşlı gedərik. Kərbəlayı Xudaverdi. Tezmi yola düşəcəksiniz? Molla Kazım. Sabah saat xoşdur. Sabah, Allah qoysa, yola düşərik. Kərbəlayı Xudaverdi. Çox yaxşı olar. Elə mən də sizin qulluğunuzda gedərəm. Buyurdunuz, karvansara haradadır? Molla Kazım. Bu küçə ilə gedib, Hacı Şükür karvansarasını soruşarsınız. Kərbəlayı Xudaverdi. Xudahafiz. Allah sizin ömrünüzü uzun eləsin. Gedək, bala. Hər ikisi gedirlər. Molla Kazım. A kişi, doğru məsəldir ki, kor leyləyin yuvasını Allah öz əli ilə tikər. Budur, iki nəfər uzunqulaq keçib əlimizə. Arazı o tərəfə keçincə əlimizi cibimizə salmaycağıq! Qol-qola verib oxuyurlar: Çun gəldi məhərrəm, yenə meydan da bizimdir, Meydan da bizim, ərsədə cövlan da bizimdir. Sərsüfrədə ərbabi-naləm məhzərimizdə, Eyvaz ilə, ikram ilə dövri-bərimizdə. Min neməti əlvan düzülüb qənşərimizdə, Sövdayi-plov, şuri-çığırtma sərimizdə. Əlyovm yenə sərvəti-saman da bizİmdir… Tacir də bizim, bəy də bizim, xan da bizimdir. Əyan da bizİmdir, fərman da bizİmdir. Çün gəldi məhərrəm, yenə meydan da bizimdir. Gedirlər. Fazil Dərbəndi səhnənin dərinliyindən iki əlini uzadır. Fazil Dərbəndi. Mən bəka-öv əbka-öv tabaka vəcəbət-ləhülcənnət. Pərdə * * * İkinci pərdə Qafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır. Əkbər. Ana gəl bu ağı mənim boynuma tik. Əkbərinanası (gəlininə). A balam, gəl, özün Əkbərin boynuna ağ tik. (Gəlin əlləri titrəyə-titrəyə Əkbərin boynuna ağ tikir.) Əkbərinarvadı. Əkbər, gəl sən boynundakı ağı biç, bir yetimə bağışla. Gecə pis yuxu görmüşəm, ürəyimə qara fikirlər gəlir. Əkbər. Elə danışma, bu, imam yoludur, bu yolda xata ola bilməz. Dörd ildir qürbətdəyəm, ağköynək olmamışam, İndi gərək hamısının əvəzini çıxam. Sən bir uca yerə çıx, oradan tamaşa et, gör nə qiyamət qopardacağam. Əkbərinanası. Əkbər, nə söhbət edirsən? Əkbər. Heç, ana, gəlinin mənə ağköynək olmağı məsləhət görmür. Əkbərinanası. O səni çox istəməkdəndir. (Gəlininə) Balam, imam yoludur, burada danışmaq günahdır. Mənim oğlum necə taytuşdan geri qala bilər? Əkbər. İgid gərək özünü belə-belə yerlərdə göstərsin. (Onlardan ayrılıb, bir neçə qədəmdə Rəsula rast gəlir.) Rə sul. Sən haraya gedirsən? Əkbər. Görmürsən haraya gedirəm? Daha soruşmağın nə lüzumu? Rə sul. Görürəm haraya gedirsən, dörd il gedib dünyanı səyahət edib qayıdandan sonra, yenə ağlın başına gəlməyib. Vurdun başını yardın. Bir beş girvənkə də qanın axdı, görək nə qazanacaqsan dünya üçün və ya axirət üçün… Əkbər. Dünyada özüm üçün ad qazanaram, axirətdə behişt. Mənim danışmağa məcalım yoxdur. Təvəqqe edirəm belə günlərdə mənimlə belə söhbətləri eləməyəsən. Özgə vaxt danışarıq. İndi mənim gözlərim qızışıb, qan vurub başıma, qulağım heç bir şey eşitmir, hətta əlimdən xata da çıxa bilər. Odur Molla Kazım mərsiyəxan gəlir. Onunla danış, o məndən ağıllıdır. Budur, on beş gündür bizim evimizdə qonaqdır. İrandan mənimlə bir yerdə gəlib. On beş gündə mənə söylədiyi nəsihətlərdən sənə də desə, bəlkə sən də imana gələrsən. Sən çoxdanın bidinisən. Arvadlar və Əkbər gedirlər, bir neçə nəfər daxil olurlar. Molla Kazım. Həzərat, bilin və agah olun, hər kəs bu gün bir qətrə göz yaşı töksə, onun yetmiş yeddi min günahı olsa bağışlanar. Hamı ağlayır. Kərbəlayı Qədim (yüyürərək daxil olur). Xudaya, cəlalına şükür! İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Rə sul. Nə var, ay kərbəlayi, nə olub? Kərbəlayı Qədim. Sən çəkil kənara. İndi görərsən nə var. Molla Kazım. Kərbəlayı, nə olub? Kərbəlayı Qədim. Nə xəbər olacaq, xudavəndi-aləm bu saat öz qüdrətini bütün bidinlərə sübut etdi. Bundan sonra kafirin dili var, danışsın. Belə böyük möcüzənin qabağında görüm bir para dini, məzhəbi bəyənməyənlər, adlarını müsəlman qoyan məlunlar nə danışacaqlar və nə danışa biləcəklər?.. Molla Kazım. Bir tez de görüm nə möcüzədir? Hamı onu əhatə edir. Kərbəlayı Qədim. Yarım saat bundan əqdəm, bir nəfər erməni arvadı, on beş yaşında, anadan doğma kor oğlunu gətirib yıxdı məscidin qapısına. Dedi: ay müsəlmanların Allahı! Əgər sən haqq Allahsan, mənim bu oğlumun gözlərinə işıq ver. Fövrən uşağın gözləri açıldı, erməni arvadı haman saat dönüb müsəlman oldu. Uşağın libasını parça-parça edib camaat öz arasında qismət etdi. Pul arvadın başından dolu kimi yağır, budur, buraya gəlir. Erməni arvadı, yanında uşaq, ətrafını camaat almış, daxil olurlar. Erməniarvadı. Belə musurmanların Allahına ğurban olum. Musurmanların dininə, məzhəbinə ğurban olum. On beş ildir bu pağır uşaq kor idi, elə anadan kor gəlib. Dedim: aparıb bu şaxsey-vaxsey günü musurmanların Allahının ayağına yıxacağam, oğlumun gözlərinə şapaq versin. Budur, kor gözü gedib, yerinə şapaqlı göz gəlib. Rəsul kənardan gülür. Camaat. Xudaya, kəramətinə şükür. Sənə inanmayana min lənət, möcüzə şəkk gətirənlərə min lənət! Molla Kazım. Azançı Məşədi Səlimə deyin çıxsın minarədən minacat çəksin, ta bütün şəhər belə böyük möcüzədən xəbərdar olsun. Kərbəlayı Qədim. Məşədi Səlim çoxdan minarənin başındadır. Məgər səsini eşitmirsiniz? Molla Kazım. Həzərat, axır vaxtlarda bir para bidinlər çıxıblar ortalığa, camaatı da özləri kimi bidin eləmək istəyirlər. Deyirlər: oruc nahaq, namaz nahaqdır. İmam təziyəsi nahaqdır. Allah, filan yoxdur. İnsanı dolandıran havadır. Insanın Adəm əleyhissalamdan xəbəri yoxdur, hamı meymundan əmələ gəlibdir. Belə bidinlər haqq yoldan çıxıb camaatın da əqidəsini pozmaq istəyirlər. Mən hər il bu tərəflərə gəlirəm. İlbəil camaatın əqidəsinin gəldikcə pozğunluq tərəfinə getməyini müşahidə edirəm. Belə getsə, bütün camaat axırda bidin olub yoldan çıxacaqlar. Odur ki, xudavəndi-aləm belə möcüzələrlə o bidinlərin bətalətlərini sübut edir. İlahi, cəlalına şükür. Hamı. Xudaya, cəlalına şükür! Molla Kazım. Camaat, hər kəs qüvvəsindən nə gəlir, az-çox bu arvada ehsan edin, qəbul olası ehsandır. Camaat pul verir. Erməniarvadı. Allah sizə bərəkət versin, məzhəbinizə ğurban olum. Şəhərli (Rəsula). Sən niyə belə kənardan baxırsan? Rə sul. Möcüzəyə tamaşa edirəm, qəribə möcüzədir. Şəhərli. Ay Rəsul, sən həmişə danışırsan, İndi nə olub dilin batıb? Axır mən bu erməni arvadını tanıyıram, o da məni yaxşı tanıyır. Mən bunların kəndindən həmişə gedib toyuq-cücə, yumurta alıram. Vallah, bunun kor oğlu yoxdur. Bu uşağın özünü də həmişə qapıda görürdüm ki, oynayır. Kor, filan da deyildi. Danışmaq yeri indidir. Rə sul. Bu halda belə başların hansını inandırmaq olar? Gözlər qanla dolub, beyin qızışıb, çox danışarsan vurub cəmdəyini yıxarlar yerə. Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Erməni arvadı da bu kələklə meydana çıxıb. Kasıb arvaddı, qoy puldan-zaddan versinlər, aparıb qapısına bir-iki öküzdən-inəkdən alsın. Erməni arvadı ilə Molla Kazımın heç təfavütü yoxdur. Vaxtında bu qoyun kimi camaat xeyir-şərrini gözəlcə anlayacaq. Bu erməni arvadını tək sən tanımırsan, səndən də savayı tanıyan çoxdur. Amma danışmağa qorxurlar, çünki mövqe müsaid deyil, vaxtı deyil. (Erməni arvadı camaatdan uzaqlaşır.) Getdi qulaq kəsməyə, aybı yoxdur. Kərbəlayı Xudaverdi (başına döyə-döyə). Evimi yıxan oğlum vay! Məni qoca vaxtımda düzlərdə qoyan oğlum vay! Belimi sındiran oğlum vay! Gözümün işığı, qolumun qüvvəti oğlum vay!.. Molla Kazım. Ay Kərbəlayı Xudaverdi, nə vaqe olub? Kərbəlayı Xudaverdi. Nə olacaq? Gözümün ağı-qarası bircə oğlum əlimdən getdi. Molla Kazım. Ağlama, Kərbəlayı Xudaverdi, günahdır. Sənin oğlun bu saat cənnəti-əlada məqam tutub. Belə ölümü hamı gərək arzu eləsin, ağlama… Kərbəlayı Xudaverdi. Mənim evimi yıxan sən Molla Kazımsan! Allah sənin evini yıxsın! Səni də mənim kimi əli qoynunda balasız qoysun! Budur, iki həftədir gecə-gündüz oğlumun başını doldurdun. Bir ucdan dedin: hər kəs bu yolda özünü şəhid eləsə, yeri, bisual, cənnətdir. İndi mən qoca atasını, qoca anasını, cavan, on beş günlük övrətini kim saxlayacaq? Allah sənin evini yıxsın! (Gedir.) Əkbərinanası. Hanı mənim oğlumun qanlısı? Hanı o insafsız, mürüvvətsiz? Ala gözlü balam vay! (Molla Kazımı görür.) Molla Kazım. Bacı, nahaq yerə özünü günaha batırma. Allah bizim hamımıza elə bir ölüm qismət eləsin. Oğlun bu saat behiştdə əyləşib, sənin və atasının günahını bağışlamağı istirham edir. Əkbərinanası. Toyu yasa dönən balam vay! Allah, məni oğulsuz qoyanı oğulsuz qoy! Rə sul. Bu da mövhumat Qurbanı! Birnəfərşəhərli. Üç nəfər də yenə öldü. Biri Hacı Vəlinin oğlu, biri Kərbəlayı Namazın oğlu Əsəd, biri də Hacı Qəmbərin oğlu Bəşir. Üç nəfər başlarına döyə-döyə yüyürürlər. Rə sul. Bu da üç Qurban. Molla Kazım. Hamısının ruhu bu dəmdə cənnətdədir. Birnəfəriranlı (daxil olur). Həzərat, burada Molla Kazım kimdir? Molla Kazım. Mənəm, nə buyurursan? İranlı. Sənmisən o məlun, bidin lotu? Mən sənin sorağını kəndbəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam. Çox yaxşı əlimə keçibsən. İndi sənin kim olduğunu camaata bildirrəm! Molla Kazım. Məlun, küfr danışma! Üləma üzünə ağ olanın yeri cəhənnəmdir! İranlı. Alim sənmisən, qırışmal?! Həzərat, tanıyın bunu, bu Molla Kazım deyilən bizim şəhərdə gəlib əyləşib arvadlara cadu yazırdı. Uşağı olmayan arvadları gətirib evinə yatırdıb, onlara əl atırdı. İstəyirdi bu oyunu mənim də arvadımın başına gətirsin. Amma yaxası və saqqalı namuslu arvad əlinə keçdi. Mən bunun necə lazımdır qulluğun edəcəyəm. Amma siz də bilin, mərsiyəxan sifəti ilə gəlib sizi tovlayıb, pulunuzu alan lotular İranda çoxdur! Molla Kazım. Həzərat, bu, babıdır, yalançıdır. Bunun sözünə inanmayın! İranlı. Yalançı mən deyiləm, sənsən. Fikir edin, həzərat, heç bir cavan, ürəyi yanmasa, gəlib camaat arasında öz arvadının söhbətini edərmi? Görün bu ləin vücud məni necə oda yaxıb? Rə sul. Həzərat, bu oğlan yalançı deyil. Mən hər vaxt sizə deyəndə bir para lotulara inanıb malınızı, pulunuzu çöllərə dağıtmayın, mənə kafir dediniz. Budur, bu gün dörd cavan, əcəlsiz, dünyadan getdi. Onların anabacıları, əyalları sahibsiz qaldılar. İndi görək Molla Kazım onlara çörək verəcəkmi? Bunlar sizə deyirlər ki, bu yolda ölən şəhid zümrəsindən olurlar. Elə isə bəs bunlar özləri niyə başlarını çapmırlar? Fikir edin bircə, heç bir molla ağköynək olub, başını yardığını görən varmı? Səbəb nədir? Camaatdanbiri. Doğrudan da, heç molladan, mərsiyəxandan ağköynək, baş yaran, zəncir vuran görməmişəm! Rə sul. İndi ki görməyibsiniz, bilin ki, bu əməl yaxşı olsa, qabaqca mollalar gedər. Bunlar ancaq mövhumatları özləri üçün mədaxil yolu qayırıblar. Camaatın başını doldurub, kənardan tamaşa etməklə ləzzət aparırlar. İnanmayın, camaat, belə adamlara. Gedin sənət dalınca, elm dalınca, ta bir işığa çıxasınız! O guya kor uşaq ki, erməni arvadı gəzdirirdi, onu bu şəhərdə çox adam tanıyır. Mənim bir yaxşı dostum bu saat mənə dedi ki, o erməni arvadını ildə bir otuz dəfə görür və özünü də tanıyır. Onun oğlu kor deyil. Deyir: burada onu tanıyan çoxdu, danışmağa qorxurlar. Neçənəfərcamaatdan (ürəklə). Mən də tanıyıram. Rə sul. Budur, eşidin, ağlınızı başınıza cəm edin! Molla Kazımlardan özünüzü qoruyunuz. İr anlı (istehza ilə). İndi, cənab axund Molla Kazım, zəhmət çək gedək söhbətə! Molla Kazım. Oğlan, əl çək məndən! İranlı. Hələ sənə əl vurmamışam ki, əl çəkim. Bir qədər əlim dəyəndən sonra əl çəkərəm. Buyur, zəhmət çək! (Bir-iki dəfə boynuna vurub aparır.) Camaat mat-mütəhəyyir onların dalınca gedirlər. Neçə ədəd meyit səhnədən keçirib aparırlar. Meyitlərin dalınca arvad-uşaq ağlayaraq gedirlər. Səhnədalındansəs. Mən bəka-öv əbka-öv təbaka vəcabətləhülcənnət... * * * == Köhnə dudman == Köhnə dudman Dörd pərdədə İştirak edənlər Pərvizxan – böyük mülkədar Mirzəİsmayıl – xanın vəkili Sadıqbəy – xanın yaxın köməkçisi Rəcəbkəndxuda – kəndxuda Xanınqızı Başhərəm İkincihərəm Rəşid – xanın qulluqçusu Allahqulu – kasıb kəndli Bədəl – onun oğlu Gülsənəm – onun qızı Hüseyn – pişxidmət Abdullaxan – Pərviz xanın düşməni Cavankəndli Erməni Tağı } Heydər }qaçaqlar Xəlil } Şirin } SəfI } Ağsaqqallar, cavanlar, nökər, xacə, pəhləvan, qasid, sərkərdə, qarovul, uşaq və kənd camaatı * * * Birinci pərdə Pərviz xanın kəndində. Amilin evi. Evin qabağında vaqe meydançada böyük izdiham. Xanın vəkili Mirzə Ismayıl balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşıb danışırlar. Bir kənarda bir qoca kəndli – Allahqulu ilə bir cavan kəndli söhbət edirlər. Cavankəndli. Deyirlər, xan bu gün kəndə buyuracaq. Heç bilirsən, onun hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur? Onun da ki, öz rəiyyətinə yazığı gəlmir. Rəiyyət, deyəndə, ağanın övladıdır. Ağa da gərək öz övladına zülm etməsin. Allahqulu. Oğlum, hələ sən cavansan. Elə ki, mən yaşa yetdin, onda bir az ağıllı danışarsan. (Ətrafa baxır.) Bir az kənara çəkilək, danışdığımızı eşitməsinlər. (Çəkilirlər kənara.) Bala, ağa nə qədər uzaqda olsa, kəndli üçün bir elə yaxşıdır. Oturar evində, lazım olanda malcəhət üçün öz vəkilini göndərər. Biz də vəkilə az verib, çox yalvararıq, çox verib, az yalvararıq, bir tövrlə yola salarıq gedər. Cavankəndli. Ağa da gələndə, gedib ayağına yıxılıb, deyərsən, Qurbanın olum, məhsulumuz az oldu, quraqlıq düşdü, su azlıq elədi, sel gəlmədi, çəyirtkə yedi. Dövlətli xandır, görərsən camaata rəhm eləyib, verginin yarısından keçdi. Allahqulu. Oğlum, dünya görməyibsən, sən deyən Pərviz xan deyil, kölgəsidir. Bir xan ki, rəiyyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Onun elə kəndə gəlib, üç gün qalıb getməsi, mədaxil istəməsə də, camaatın nəfəsini kəsir. Mirzə İsmayıl (balkondan). Rəcəb kəndxuda, camaatı bir yerə topla! Rəcəbkəndxuda. Ay camaat, buraya yığılın. Mirzənin sizə buyruğu var. Camaat balkonun qabağında toplaşır. Allahqulu. Gedək yavuğa. Qulaq as, gör mirzə nə buyuracaq, o vaxt mən dediklərimi anlarsan. Gedirlər yavuğa. Mirzə İsmayıl. Camaat, Pərviz xan, necə ki, sizə məlumdur, iltifat eləyib, bu gün sizə qonaq gəlir. Camaat. Çox xoş gəlir, gözümüz üstündə yeri var. Allah onun kölgəsini bizim başımızdan əskik eləməsin. Mirzə İsmayıl. Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar. Cavanlar da hamısı atlanıb xanın qabağına getsinlər. Xana yetişib, baş əyəndən sonra, qayıdıb kəndə girincə xanın qabağında at oynatsınlar. Yaxşı at oynadanlara xan xələt bağışlayacaq. Xan kəndə daxil olan tək, gərək ayağının altında bir öküz kəsilsin. İkinci öküz Qurbanı kəndin ortasında kəsilməlidir. Xan sizə üç gün qonaq qalacaq. Bu üç gündə xanın özünə və onun üstüncə gələn otuz nəfər atlıya gərək bacardığınız hörməti eləyəsiniz. Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. (İçəri daxil olur.) Rəcəbkəndxuda. Camaat, mirzənin buyruğunu eşitdiniz ki? Camaat. Bəli, eşitdik. Rəcəbkəndxuda. Di dayanmaq yeri deyil. Xan kəndə yaxınlaşmaqdadır. Ağsaqqallar gedib xanlıq dəyirmanının qabağında xanı gözləsinlər. Mollaya da xəbər verin. Cavanlar, nə dayanıbsınız?! Haydı, tez olun. Bu saat yola düşün! Yoxsa sizə bir elçi də göndərəcəklər? Tez olun! Ağsaqqallar, cavanlar gedirlər. Allahqulu (cavana). Di get, sən də atını min, çap xanın qabağına. Görürsən, bala? Xanın gəlməyi belə olur. İki öküz bu gün kəsiləcək. Hər gündə də gərək iki öküz kəsilsin ki, bəlkə xanın üstüncə gələn ac qurdların qarınları dolsun. Ondan savayı da hər kəsin evində nə var, gərək xanın qulluğuna çəksin: qatıqmı, qaymaqmı, yağmı, motalmı, quzumu. Xan buradan gedəndə də bir neçə araba da belə şeylərlə doldurub özü ilə aparacaq. İndi, bala, görürsənmi, "xan gəldi" necə olar? Cavankəndli. Görürəm, əmi, mən belə bilmirdim. Allahqulu. Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən. Bundan da yaman işlər var. Xan üçün camaatın arvadlarını, qızlarını çəkəcəklər. Cavankəndli. Əmi, məgər rəiyyətin namusu ağanın namusu deyil? Belə işi də ağa elərmi? Allahqulu. Rəiyyətdə məgər namus qoyublar? Bizim hamımızı binamus eləyiblər. Cavankəndli. Əgər bir kəs mənim külfətimə, anama, bacıma toxuna, hər kəs olur-olsun, cəmdəyini yerdə qoyaram. Allahqulu. Bu sözləri çoxları deyiblər. Rəcəbkəndxuda (qocaya). Allahqulu, nə uzun söyləyirsən? Gəl, cəld ol, xanlıq dəyirmana tərəf yola düş. İndi xanın gələn vaxtıdır. (Cavan kəndliyə) Bala, Qənbər, sən də dayanma. Söhbətin xan gedəndən sonraya qalsın. Allahqulu. Deməli, mən xanın qabağına çıxmasam xan yoldan qayıdıb, kəndə girməyəcək? Rəcəbkəndxuda. Gəl get, ayıbdır, qanının bahasını ağzına alma. Bilirsən ki, xan eşitsə atanı qəbirdən çıxardar. Allahqulu. Gedirəm, gedirəm. (Cavan kəndliyə) Bala, sən də get, atını min, çap xanın qabağına. Bəlkə xələtdən, filandan sənə iltifat eləyə. Rəcəbkəndxuda. Allahqulu, get deyirəm sənə. Uzun danışıq fayda verməz. Görünür ağsaqqal vaxtında belin kötək istəyir. Allahqulu. Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. İki gün kötək dəyməyəndə bədənimiz qaşınmağa başlayır. Rəcəbkəndxuda. Gəl, get deyirəm. Ondan qorx ki, bir kötəklə canın qurtarmaya. Allahqulu (cavana). Gedək bala! Gedirlər. Mirzə İsmayıl (balkona çıxır). Rəcəb kəndxuda, camaat hamısı getdimi? Rəcəbkəndxuda. Bəli, mirzə, hamı getdi. (Qoca və cavanı göstərir.) Bunlar da, budur, gedirlər. Mirzə İsmayıl. Onlarla nə söhbət eləyirdin? Sən də, füzul oğlu füzul, söhbət eləməyə vaxt tapıbsan? Bir adamın yaxasından yapışanda buraxmaq istəmirsən. (Kəndlilərə) Gedin, qardaşlar, dayanmayın. (Qoca və cavan gedirlər. Mirzə Ismayıl enir aşağıya.) De görüm onlarla nə danışırdın? Rəcəbkəndxuda. Bir danışmaq yox idi. Bu Allahqulu kişi də bir dikbaşın biridir. Heç kəsdən dilini saxlamır. Onun dilini kəsib bir yaxşı tövbə vermək lazımdır. Mirzə İsmayıl. Necə? Rəcəbkəndxuda. Necəsi yoxdur. Ağzına gələni xanın haqqında danışır. Bir adam da yoxdur ki, onun ağzının ipini çəksin. Deyirəm get dəyirmanın qabağına, deyir, mən getməsəm, xan küsüb dala qayıdacaq? Mirzə İsmayıl. Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murder olar? Rəcəbkəndxuda. Həqiqət, mirzə, belə adamlara tövbə vermək lazımdır. Yoxsa görərsən, camaatı da yoldan çıxartdı. Mirzə İsmayıl. Xub, xan gələr, mən qulluğuna ərz elərəm. Rəcəbkəndxuda. Mirzə, sənə bir söz deyim. Sənin çörəyin haqqı, Allahqulunun evində təzə yetişmiş elə bir qızı var ki, dünyanın yarısına verməzsən. Mən deyə bilərəm ki, xanın hərəmxanasında elə can yoxdur. Xalis padşah malıdır. Mirzə İsmayıl. Bəs, a zalım oğlu, İndiyədək bunu mənə niyə xəbər verməyibsən? Rəcəbkəndxuda. Xəbər verərdim, qızın qardaşından qorxurdum, ondan qan iyi gəlir. Mirzə İsmayıl. Onun qorxusu yoxdur. Həqiqət, qız çox gözəldir? Rəcəbkəndxuda. Ərz elədim ki, padşaha layiq qızdır: uzun boylu, qara gözlü, yanaq, – demə görmədim, – bir şüşə dolu qan, yerişi sona yerişi, saçları topuğundan, guya zalım qızına gün işığı dəyməyib. Mirzə İsmayıl. Daha kəs səsini, kafir! Ağzımın suyu axdı. Əlbəttə, xana bir belə peşkəş vacibdir. Rəcəbkəndxuda. Ancaq, mirzə, səndən təvəqqe eləyirəm, xanın qulluğuna o qızın xəbərini mən gətirdiyimi ərz eləyəsən. Bəlkə xandan mənə bir xələt çıxa. Mirzə İsmayıl. Əlbəttə deyərəm. Rəcəbkəndxuda. Ancaq, mirzə, bir şey var. Mirzə İsmayıl. Nə şey? Rəcəbkəndxuda. Doğrusu, yenə deyirəm, Allahqulunun oğlunun xatasından gərək məni qoruyasan. Mirzə İsmayıl. Onun əlacı asandır. Arxayın ol. (At ayağı səsi eşidilir.) Rəcəb kəndxuda, gör xandırmı gələn? Rəcəbkəndxuda (yüyürüb baxıb, tez dala qayıdır). Bəli, mirzə, xan təşrif gətirir. Mirzə İsmayıl. Yüyür xanın atını özün tut. Sonra mən səni xanın nəzərinə verərəm: qoçaq adamsan, sədaqətli qulluqçusan. Rəcəbkəndxuda. Ölənədək başla, canla xana qulluq eləmək borcumuzdur. Mirzə İsmayıl. Tez ol, yüyür! Rəcəb kəndxuda, Mirzə İsmayıl da onun dalınca gedirlər. Pərviz xan, yanında Mirzə Ismayıl, ətrafında kəndin ağsaqqalları və cavanları daxil olurlar. Pərvizxan. Camaat, sizin hamınızı xoş gördük! Camaat. Xoş bəxtiniz olsun, xan! Pərvizxan. Necəsiniz, salamatsınızmı? Camaat. Şəfaətin artıq olsun, xan! Allah sizin kölgənizi bizim başımızdan əskik eləməsin! Pərvizxan. Əkənəcəyiniz necədir? Malınız, qoyununuz salamatdırmı? Camaat. Dövlətinizdən salamatlıqdır. Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır. Xan ona tərəf baxanda naxahi baş əyir. Mirzə İsmayıl. Camaat, xan yorulubdur. Siz də sabahdan ayaq üstündə məəttəlsiniz. Gedin evlərinizə, xan da dincini alsın. Hər kəsin nə dərdi var, sabah gəlib xana ərz eləyə bilər. Camaat bir-bir: mürəxxəs olaq, mürəxxəs olaq, – deyərək gedirlər. Allahqulu baş əyməyib camaatın dalınca gedir. Pərvizxan. Mirzə, tək kənarda duran kişi kim idi? Mirzə İsmayıl. Qurbanın olum, ona Allahqulu Oruc oğlu deyirlər. Pərvizxan. Bəli, eşitmişəm. O yenə camaata qarışmayıb, bizdən boyun qaçırtdı? Mirzə İsmayıl. Xan sağ olsun, onun öhdəsindən nə mən, nə də yazıq Rəcəb kəndxuda gələ bilirik. Başıdikin biridir. Kənddə ağzına gələni danışır, camaatı da yoldan çıxardır. Pərvizxan. Eybi yoxdur, cəzasına çatar. Mirzə İsmayıl. Amma, xan sağ olsun, deyirlər, evində elə bir vəcihə qızı var ki, heç vəsfə gələn deyil. Pərvizxan. Nə danışırsan? Mirzə İsmayıl. Başın üçün, xan, əgər deyilən doğru isə, həqiqət hərəmxana malıdır ki, özünlə aparasan. Pərvizxan. Bu gecə onu mənim yanıma gətirərsən. Xoşuma gəlsə, apararam hərəmxanaya. Mirzə İsmayıl. Baş üstə, xan. Xoşuna gəlsə, Rəcəb kəndxudaya gərək xələt verəsən. Çünki qız xəbərini gətirən odur. Özü də it sədaqətində bir qulluqçudur. Pərvizxan. Bir adam göndər, Allahqulunu buraya gətirsin. Mirzə İsmayıl (çağırır). Rəcəb kəndxuda! Rəcəbkəndxuda (yüyürərək gəlir). Bəli, Mirzə! Mirzə İsmayıl. Bu saat xanın fərraşlarından da bir neçə nəfər götürüb, gedib Allahqulu Oruc oğlunu xanın qulluğuna gətirərsən. Deyərsən, xan səni hüzura istəyir. Rəcəbkəndxuda. Baş üstə! (Baş əyib gedir.) Pərvizxan. Mirzə, cavanların siyahısı hazırdırmı? Mirzə İsmayıl. Bəli, hazırdır. Igidlərdən on beş nəfər seçmələrinin adlarını siyahı eləmişəm. Pərvizxan. Bilirsən bu nə üçündür? Mirzə İsmayıl. Xeyr, Qurban, bilmirəm. Pərvizxan. Yadındadırmı neçə il bundan əqdəm Rəhim xan mənə iki güləşən dəvə və iki də yaxşı boğuşan köpək göndərmişdi? Mirzə İsmayıl. Bəli, Qurbanın olum, çox gözəl yadımdadır. Hətta qızıl köpək, Abdulla xanın yüz qızıla aldığı köpəyini boğdu da, yadımdadır. Abdulla xan haman saat iti güllə ilə vurub öldürdü. Özü də atını minib naharsız getdi. Pərvizxan. Afərin! Gözəlcə yadındadır. İndi də Rəhim xan mənə məktub göndərib, yazır ki, sizin Heydərxanlının cavanları çox igid olurlar. Təvəqqe edirəm, onlardan on beş nəfər mənə satasınız ki, yanımca lazım olan yerlərə atlansınlar. Hər birinə də yüz əlli qızıl təklif eləyir. Bu da çox yaxşı qiymətdir. Mən də cavabımda yazdım ki, bu qiymətdən satmağa hazıram. Burada həm pul var, həm də dəvələrin və köpəklərin xəcalətindən çıxaram. Abdulla xan indi də mənimlədanışmır. Ha, ha, ha… Mirzə İsmayıl. Çox yaxşı sövdadır, Allah xeyir versin. (Siyahını uzadır.) Buyur, Qurban! (Xan siyahını alıb oxuyur.) Ancaq burada bir səhv var, onu düzəltmək lazımdır. Pərvizxan. Nə səhv? Mirzə İsmayıl. Yaxşı olar ki, siyahıdan Həsən Pirqulu oğlunu pozub, əvəzinə Allahqulu oğlu Bədəli yazaq. Onun buradan getməsi məsləhətdir. Dəli igiddir, əlindən xəta çıxa bilər. Pərvizxan. Anladım nə deyirsən. Çox gözəl, al, pozursan poz! Əvəzinə Bədəli yaz! (Siyahını verir.) Mirzə İsmayıl (siyahını alıb, düzəldir). Buyur, Qurban! (Verir xana.) Allahqulunu oğlu ilə xanın qulluğuna gətirirlər. Hər ikisi baş vurub əli bağlı dururlar. Pərvizxan (diqqətlə Allahqulunun oğluna baxır). Yavuğa gəl, qoçaq! (Bədəl qabağa yeriyir.) Adın nədir? Bədəl. Xanın nökərinin adı Bədəldir. Pərvizxan. Afərin! Gözəl cavab verdin. Yəqin ki, mənim sadiq rəiyyətlərimdənsən. (Bədəl baş əyib bir söz demir.) Mirzə Ismayıl, bu oğlanı haraya lazım bilirsən göndər. Mirzə İsmayıl (Rəcəbə). Rəcəb kəndxuda, siyahı ilə çağrılan cavanlar haradadırlar? Rəcəbkəndxuda. Divanxanadadırlar. Mirzə İsmayıl. Bu oğlanı da apar oraya. Həsən Pirqulu oğlunu da boşla getsin evinə. Rəcəbkəndxuda (Bədələ). Yeri gedək. (Aparır.) Pərvizxan. Çox qaçaq oğlana oxşayır. Mirzə İsmayıl. Igidlikdə, qoçaqlıqda tayı, bərabəri yoxdur. Pərvizxan. Sifətindən, baxanda, qoçaqlıq yağır. Belə bir oğlanı yüz əlli qızıla vermək cəfadır. Mirzə İsmayıl. Məsləhət belədir. Pərvizxan. Doğrudur, belə oğlanı görüb, Rəhim xan da məndən razı qalar. Allahqulu. Mirzə, mənim oğlumu haraya göndərdin? Mirzə İsmayıl. Sən nə haqla bu sualı mənə verirsən? Allahqulu. Necə? Məgər ata deyiləm? Oğlumun haraya aparılmağını bilməyim? Mirzə İsmayıl. Hamının atası xandır. Hamının ixtiyarı da onun əlindədir. Nə istərsə elər. Hər kəsə öl dedi, gərək ölsün, qal dedi, qalsın və sənin də xan qulluğunda danışmağa ixtiyarın yoxdur. Qoca kişisən, bu yolların hamısını yaxşı bilirsən. Səni hüzura çağırıblar, nə xəbər alarlar, cavab verib, evinə gedərsən. Allahqulu. Mirzə, mən oğlumun haraya aparılmağını yaxşı bilirəm. Məgər rəiyyət qaramaldır ki, bir-bir aparıb satasınız? Mirzə İsmayıl. Xan sağ olsun, İndi özünüz bunun nə növ bir insane olduğunu görürsünüz. Xan qulluğunda cürət eləyib bu dildə danışan, görün kənarda nələr söyləyə bilər. Pərvizxan. Görürəm. (Allahquluya) Allahqulu, mən sənin haqqında çox şeylər və sözlər eşitmişdim. Amma böhtan hesab eləyib inanmırdım. İmdi mən səni dürüst tanıdım. Gərək mənimlə gedib həmişəlik yanımda qalasan. Səni bu kənddə qoymaq olmaz. Allahqulu. Xan sağ olsun, məgər ata ürəyi yananda danışmaq da qadağandır? Heyvanın balası itəndə o da görürsən hər yeri dolanıb axtarır. Məgər mən heyvanca da deyiləm? Rəcəbkəndxuda (daxil olur). Mirzə, aparıb divanxanada qoydum. Pirqulu oğlunu da buraxdım getdi. Pərvizxan (Allahquluya). Mənim nəinki sənin oğluna, hətta tamam külfətinə, sənin malına, canına belə ixtiyarım çatar. Sənin gözlərinin qabağında azmı adam dara çəkilib? Rəcəb kəndxuda, bunu aparıb üç yüz çubuq vurdurarsan. Bir də xan qulluğunda cürət eləyib danışmaz. Rəcəbkəndxuda (Allahqulunun qolundan yapışır). Gedək! Allahqulu çəkinir. Balacauşaq (yüyürərək gəlir). Ata! Bu saat xanın adamları gəlib, bacımı çəkib apardılar. Qardaşımı nə qədər axtardım tapmadım. Allahqulu (başına döyür). Bu da bir müsibət! Xan, oğlumu aparıb məni köməksiz qoydun. İndi də mənim namusuma əl atırsan? Adını beləmi ata qoyubsan? Batsın sənin kimi ata! Sən ata deyilsən, qaniçənsən, canavarsan! Pərvizxan. Daha kifayətdir! Rəcəb kəndxuda, bunun boğazına kəndir keçirib, dal həyətdə, mənim gözümün qabağında tut ağacından asarsan! Məlun, köpək! Sən bilirsənmi ki, sizin hamınızın canının, malının, külfətinin ixtiyarını Allah özü mənə tapşırıbdır?! Allahqulu. Bir Allah ki, camaatın ixtiyarını sənin kimi canavara tapşıra, elə Allaha mən bəndəlik eləmək istəmirəm! Pərvizxan. Cəld olun, aparın dilini kəsin! Allahqulunu çəkirlər. Allahqulu (fərraşları itələyir). Çəkilin kənara! Mənim oğlum getdi, qızım getdi, namusum ayaq altında tapdalandı, canım da gedir! Xan məni dara çəkdirməsə də, mən özüm dünyada bundan sonra yaşamayacağam! Heç kəsdən də bu saat qorxum yoxdur! (Xana) Xan, sənin atan Surxay xan mənim atamı qayadan atdırdı. Yazıq qayanın sinəsində bitmiş bir kola ilişib başı üstündə asılı qaldı. Quzğunlar, çalağanlar diri-diri onun bədənini sökdülər. Axırda kişinin quru sümükləri qayanın dibinə töküldü. Sən də məni dara çəkdirirsən, nə eyib elər?! Əlbət bir vaxt səndən və sənin övladından hayıf alan tapılar. Allahqulunu çəkib aparırlar. Pərvizxan. Həqiqət, ölməli məlunmuş! Mirzə İsmayıl. Allaha da səbb elədiyini eşitdiniz?! Belə adamın şərən də qətli vacibdir. Pərvizxan. Əlbəttə, vacibdir. Fərraş gəlib kənardan Mirzə Ismayıla başı ilə işarə edir. Mirzə İsmayıl (xana). Xan sağ olsun, qız hazırdır. Pərvizxan. Çox gözəl, ötürsünlər yatacaq otağına. Gedək, Mirzə, istəyirəm pəncərədən o məlun Allahqulunun çapalamasına tamaşa eləyim. Sonra da bir qədər istirahətə məşğul olam. Gedək! Gedirlər. Pərdə * * * İkinci pərdə Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar. Xacə (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə. Hərəmlərdənbiri. Necə, yoxsa bizim hamımızdan gözəldir? Xacə. Ah! Sizin heç biriniz onun bərabəri ola bilməzsiniz. Baş hərəm. Gələr baxarıq. (O biri qadınlara) Dağılın buradan, heç kəs qalmasın! Hamı baş əyib gedir. Pərviz xan daxil olur. Baş hərəm təzim edir. Pərvizxan. Necəsiniz, salamatlıqdırmı? Başhərəm. Bizim salamat olub, ya olmadığımız sizə lazımdırmı? Sizin üçün öz rahatlığınız hər şeydən əfzəldir. Buyurub, kənddə istirahət eləyib, bir nazənin sənəm də qulluğunuzda gətiribsiniz. Guya buradakılar sizin üçün azdırlar. Pərvizxan. Ürəyinə başqa bir fikir gəlməsin, əzizim. Sən bu hərəmxananın baş hərəmi olub, həmişə öz yerində möhkəm əyləşəcəksən. Sən güman etmə ki, mən özüm üçün təzə bir kəniz gətirmişəm. Xeyr! Daha kifayətdir. Ancaq yetim və bilmərrə sahibsiz bir qız olduğundan gətirmişəm ki, hərəmxanada sizə qulluq eləsin. Başhərəm. Gətirsən də, gətirməsən də, sahibi-ixtiyarsan. Bizim nə sözümüz ola bilər? Pərvizxan. Mən sənə yenə deyirəm ki, xəyalına özgə fikir gəlməsin. (Əl çalır, qulam daxil olur.) Get, kənddən təzə gələn qızı buraya göndər. (Qulam baş əyib çıxır.) Onu sənin ixtiyarına verəcəyəm. Necə bir həyalı qız olduğunu görərsən. (Qız daxil olub qapıda dayanır.) Qorxma, yaxşı qız, yavuğa gəl. (Qız qısılaraq yavuğa gəlir.) Sən bu gündən bu xanımın qulluğunda olacaqsan. Onun gərək hər əmrinə sədaqətlə itaət eləyəsən. Anladınmı, yaxşı qız? (Qız başı ilə işarə edir. Xan baş hərəmə) Görürsən necə həyalı qızdır? İmdi özün bununla söhbət eləyə bilərsən. (Gedir. Ikinci hərəm daxil olur.) Başhərəm. Ay qız, adın nədir? Gülsənəm. Adım Gülsənəmdir. Başhərəm. Atan, anan çoxdanmı ölüblər? Gülsənəm. Anam çoxdan ölüb. Atamı da xanın üzünə ağ olduğuna görə, üç gün bundan qabaq boğazından asdılar. Başhərəm (ikinci hərəmə). İmdi bunun necə yetim qız olduğunu bildik. (Gülsənəmə) Neçə yaşın var, qızım? Gülsənəm. On altı. İkincihərəm. Yenə danışdır, bundan çox əhval bilmək olacaq. Başhərəm. Bacından, qardaşından nəyin var? Gülsənəm. Iki qardaşım var. Böyük qardaşımı xan bu səfər gələndə Rəhim xana satdı, apardılar. Bir balaca qardaşım var, o da evdə qaldı. Başhərəm. Bəs ona kim pərəstar olur? Gülsənəm. Bilmirəm. Başhərəm. Necə bilmirəm? Bəs sən onu necə sahibsiz qoyub gəldin? Gülsənəm. Mən özüm gəlmədim. Məni fərraşlar güclə çəkib gətirdilər xanın yanına. Oradan da buraya gətirdilər. Daha qardaşımdan xəbərim yoxdur. Başhərəm. Çox gözəl. Di get qızım, kənizlərin içində otur. Çağıranda gələrsən. (Qız gedir. İkinci hərəmə). Bu işlərdən nə görürsən? İkincihərəm. Iş aydındır. On altı yaşında bir qız, həqiqət də, hamımızdan gözəl. Bir az keçəcək ki, hamımızın üstümüzdə böyüklük eləyəcək. Başhərəm. Onda tədbir lazımdır. İkincihərəm. Tədbir nə ola bilər? Başını batırmaqdan özgə bir tədbir ola bilməz. Başhərəm. Ondan sonra xanın qəzəbinin qabağında durmaqmı olar? İkincihərəm. Nəticəsinə mən cavab verərəm. Başhərəm. Tədbirin nədir söylə? İkincihərəm. Burada, bizə əl-ələ verib işləmək lazımdır. Ona görə səndən bir söz xəbər alacağam. Ancaq gərək sualımdan qəzəblənməyəsən. Başhərəm. Qəzəblənmərəm, xəbər al! İkincihərəm. Pişxidmət Rəşidin sənə bənd olduğundan xəbərin varmı? Başhərəm. Bu nə növ sualdır eləyirsən? İkincihərəm. Vədində möhkəm dur, qəzəblənmə. Mən qulağımla eşitdiyimi deyirəm. Mətbəxdə aşpazla danışdığını eşitmişəm. Deyirdi ki, bir gün xanımı görməyəndə gecə yata bilmirəm. Başhərəm. Onun nə həddi var mənim adımı çəkir? Məgər bilmir ki, xan xəbərdar olsa, onun atasının sümüklərini qəbirdən çıxardıb odlar? İkinci hərəm. Eşq başa vurandan sonra, adam ölümə də həvəslə gedər. Ancaq İndi qəzəblənmək yeri yoxdur. Nə tənbeh lazımsa, sonra eləyə bilərsən. Hələlik düşməni aradan götürmək lazımdır. Sən Rəşidi xəlvət gətirt yanına, onunla bir növ mehriban söhbət elə, qaşgözlə ona bir para ümidlər ver. Sonra Gülsənəmin aradan götürülməsini ona təklif elə. Başhərəm. O bu təklifi qəbul elərmi? İkinci hərəm. O sözləri ki, mən eşitmişəm, nəinki baş və canla qəbul elər, hətta sənin yolunda öz atasının da başından keçər. Başhərəm. Sonra xanın öhdəsindən necə gələrsən? İkincihərəm. Hələlik onun adı kənizdir. Bir kəniz üstündə xan özünə zəhmət verib danışmaz. Ona nə var? Xanlığın qızlarının hamısının təəllüqü ona deyilmi? Gedib birini də gətirər. Onun üçün ya arvad ölümü, ya bir toyuq ölümü. Bir az söylənib oturacaq yerində. Amma vaxt ki, ona hərəm adı qoyub yuxarı başa addatdı, onda gərək biz hamımız buradan başımızı götürüb, çıxıb gedək. Başhərəm. Xan bu saat haradadır? İkincihərəm. Yorulub yatıbdır. Başhərəm. Xub, mən Rəşidi bu saat buraya çağırtdırıb, onunla danışaram. (O biri qapını açıb xacəni çağırır. Xacə daxil olur.) Mənim üçün bir qəlyan gətir. Rəşidi də bu saat xəlvətcə mənim yanıma ötür. (Xacə gedir. Ikinci hərəmə). Sən xanın yatacaq otağının qapısında gizlən. Elə ki oyandığını gördün, mənə tez xəbər ver, Rəşidi qaçırdım. İkincihərəm. Baş üstə, mən gedirəm. Gərək Rəşidlə elə bir şirin dillə danışasan ki, səndə ona məhəbbətin olduğuna dürüst inana. Başhərəm. Yaxşı, mehriban danışaram. Sən get, qapıdan uzaqlaşma. İkincihərəm. İşini xatircəm tut. (Gedir.) Xacə, əlində qəlyan, dalınca Rəşid daxil olur. Qəlyanı xanıma verib çıxır. Rəşid əli bağlı qapıda dayanır. Baş hərəm taxt üstündə əyləşmiş, qəlyan çəkir, hərdənbir gözünün altı ilə Rəşidə baxır. Bu minvalla neçə dəqiqə keçir. Sonra üzünü Rəşidə tutur. Başhərəm. Yavuğa gəl, Rəşid, səndən söz soruşacağam. Rəşid (yavuğa gəlib). Əmriniz nədir, xanım? Başhərəm. Sən mənim üzümə niyə belə məzlum baxırsan? Guya ürəyində dərmansız bir dərdin var? Rə şid. Sizin tək xanımın, Pərviz xan tək ağanın qulluğunda yaşayanın nə dərdi ola bilər? Başhərəm. Rəngin gün-gündən saralır. Yoxsa bir adama bəndsən? Hər kəsdirsə, deginən bu saat əmr edim versinlər sənə. (Rəşid dərin bir ah çəkir.) Niyə belə ah çəkdin? Rə şid. Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim. Başhərəm. Səndən bir söz soruşacağam, doğru cavab ver. Rə şid. Yalan cavab verməyə həddim yoxdur, xanım. Başhərəm. De görüm, mən sənin xoşuna gəlirəmmi? Rə şid. Xanım, bu nə sualdır edirsiniz? Başhərəm. Sualıma cavab ver, ya deginən bəli, ya deginən xeyr. Rə şid. Xanım, mən nəkarayam, nə cürət eləyib belə şeyləri xəyalımdan da keçirə bilərəm? Başhərəm. Mən soruşduğumu bilirəm. Sənin də danışdıqlarını eşitmişəm. Rə şid. Atam sənə Qurban, xanım, məni Pərviz xanın qəzəbinə toxuma. Yoxsa bədənimin hər tikəsi bir kolda qalar. Hər nə deyiblərsə, ədavətlə deyiblər. Axı mən nə cürət edib sizin sözünüzü danışa bilərəm? Başhərəm. Dörd gün bundan qabaq mətbəxdə aşpazla nə danışırdın? Ha, rəngin qaçdımı? Görürsən, hamısını bilirəm. Di sualıma cavab ver! Rəşid (onun ayağına yıxılır). Xanım, məni balalarının başına çevir. Məni Pərviz xanın başına çevir. Bir qələtdir eləmişəm, anlamamışam. Artıqəksik söz danışmışam. Başhərəm. Dur ayağa. (Rəşid qalxır.) Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışar. Nə olar? Məgər nökər ürəyi ilə sair ürəklərdə təfavüt var? Hamının ürəyində məhəbbət ola bilər. Pərviz xan, məsələn, xandır, neçə min rəiyyətin canının, malının sahibidir. Bununla belə, məhəbbət nə olduğunu anlamır. Budur, hərəmxanasında on iki arvadı var. Onların hansına o, məhəbbət bağlayıb? Hər birindən doyandan sonra, gedib bir təzəsini gətirir. Buna məhəbbət deməzlər, bu, heyvanlıqdır. Budur, İmdi də kənddən bir təzəsini gətirib. Görək onunla neçə müddət dolanacaq. Amma biz arvadlar heyvanlıq axtarmırıq. Biz həqiqi məhəbbət axtarırıq. Sən mənim evimdə nökərsən. Sənin də dilindən məhəbbət sözü eşidəndə ürəyimiz oynayır. De görüm, aşpaza dediyin sözlər ürəkdən idi, ya yox? Rə şid. Ayağının altında Qurban kəsilim, xanım, mənə izin ver bu gün buradan çıxıb, başımı götürüb bir az uzaq yerə gedim. Başhərəm. Əgər doğrusunu söyləməsən, səni Pərviz xanın əlinə verəcəyəm. O da bilirsən ki, ətini kabab eləyəcək. Rə şid. Ay xanım, sənə atam, anam Qurban! Axı mən evi yıxılmış nə dedim? Başhərəm. Boynuna al, görüm mən sənin xoşuna gəlirəm, ya yox? Rə şid. Bu nə qələt idi mən elədim? Nə daş idi başıma saldım? Başhərəm. Axır sualımdır, cavab ver! Rə şid. Doğrusu, xanım, bir qələt eləyib demişəm, qəzəbin tutmasın. Başhərəm. Ürəkdən deyibsən, ya lağ ilə? Rə şid. Mənim nə həddim var sənə lağ eləyim. Ürəkdən demişəm. Başhərəm. Deməli, mən göyçək xanımammı? Rə şid. Məgər buna bir söz olar? Göyçək olmasaydın, Pərviz xan səni baş hərəm elərdimi? Başhərəm. Onu demirəm. Sənin gözündə necə? Rə şid. Vaxt ki mənim ağamsan, əlbəttə gözəlsən. Başhərəm. Açıq danış, yoxsa bu saat dərini soyduraram. Rə şid. Daha nə gizlətmək, gözəlsən! Başhərəm. Di al mənim əlimdən öp. Rə şid. Qələt elərəm, xanım. Başhərəm. Öp deyirəm sənə! (Rəşid onun əlindən öpür.) Necədir, dadlıdırmı? Rə şid. Daha nə söz ola bilər?! Başhərəm. Əgər mənim xahişimi əmələ gətirsən, mən də sənin hər xahişini əmələ gətirərəm. Bu gün əlimdən öpdün, sonra da anla nə deyirəm… Rə şid. Əmr elə, xanım, özümü suya qərq eləyim, bədənimi odlara atım, yandırım. Gözünün qabağında xəncəri ürəyimə çaxıb, qanımı sənin ayağının altına töküm. Başhərəm. Xeyr, mənim xahişim bunların heç birisi deyil. Xan kənddən təzə bir kəniz gətirib. Mən baxıram, o, cavan, məndən gözəl. Qorxuram bir azdan sonra xan onu bizim başımıza mİndirə. Əgər sənin ürəyində mənə məhəbbət varsa, gərək o qızın başını batırasan. Rə şid. Xanım, mənim öz canıma qüvvətim çatar. Onu da, necə ki, ərz elədim, sənin yolunda qoymağa hazıram. Ancaq mənə sən nahaq qan tökdürmə. Başhərəm. Bəs onda sənin məhəbbətin yalanmış. Rəşid (özünü dübarə onun ayağına atır). Xanım, al bu xəncəri, çax mənim ürəyimə, gör mən "uf" da deyərəmmi?! Amma mənim məhəbbətimə yalan demə… Nə buyurursan, hazıram. Başhərəm. Mən sabah o qızı xacələrin birisi ilə çay kənarına paltar yumağa göndərəcəyəm. Bir kolun dalından onu güllə ilə vurub öldürərsən. Əgər xacə eşidib, səni görüb-tanısa, eyb eləməz, onu da vurub öldürərsən. Qəbul eləyirsən? Rə şid. Qəbul elərəm, xanım, ancaq… Başhərəm. Bu saat hər şeyi qəbul elərsən. (Barmağı ilə üzünü göstərir.) Di buradan da bir öpüş ala bilərsən. Rəşid xanımın üzündən öpən halda Pərviz xan daxil olur. Rəşid qaçır. Pərvizxan. Ay ləçər, ay fahişə, bu on səkkiz ilin müddətində beləmi sədaqətlə dolanıbsan?! Bəs görünür on səkkiz il mənim öz binamusluğumdan xəbərim olmayıb! Mən Pərviz xan olum, tamam ətraf xanlar mənim adım gələndə titrəşməyə düşsünlər, amma evimin içində, öz hərəmim, baş hərəmim məni binamus eləsin? Yox!.. Yox!.. Burada qiyaməti bərpa edəcəyəm! Tamam hərəmxana əhlini qıracağam! Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökərlə mazaq eləyir. Daha dünyada bundan da böyük biabırçılıq mümkündürmü? Bundan sonra hansı arvada etibar eləyəsən? (Əl çalır, xacələr daxil olurlar.) Gəlin aparın bu fahişəni salın zindana! Sabah buna bir cəza verim ki, cəmi hərəmxanaya ibrət olsun. O məlun Rəşidi də harada olsa, tapıb yanıma gətirərsiniz. Baş hərəmi aparırlar. İkincihərəm (daxil olur). Gördünmü arvadının vəfasını? Mən deyəndə, inanmırdın. Axırda onun əməlinə öz gözlərinlə tamaşa elədin. Deyirdin, ondan sədaqətli arvad yoxdur. Gətirib baş hərəm eləyib, bizim başımıza çıxartmışdın. İndi sədaqətli kim olduğunu görürsənmi? Pərvizxan. Hamınız bir nəsildənsiniz, hamınız fahişəsiniz, hamınızı qılınca səkdirəcəyəm! İkincihərəm. Bizlərdən bir xata görsən, baş üstə. Bir dəfə çəkdirmə, iki dəfə, beş dəfə qılınca çəkdir. Mən çox sevİndim ki, sən doğru ilə əyrini gördün. Pərvizxan. İmdi sabah görərsən ki, ona mən nə cəza verəcəyəm. Gərək onu sizin gözünüzün qabağında öz aşnası Rəşidə öldürdəm. Sonra Rəşidin bədənini iki parça eləyib, şəhərin darvazasına vurduram. İkincihərəm. Rəşid də taqsır nədir? Cavan oğlan göyçək arvadda eşqi görəndə, əlbəttə, susayacaq. Rəşid də taqsır yoxdur. Pərvizxan. Yox! O məlun böyük tənbehə layiqdir. Onun nə həddi var, məndən biizin mənim arvadımın otağına girsin! Mən ona tənbeh etməsəm, sair əmələnin də ağlı başına gəlməz. İkincihərəm. Mən sənə bundan da bədtərini deyərəm ki, xəbərin yoxdur. Ancaq qəzəbin tutmuş vaxtı deməyə qorxuram. Pərvizxan. Söylə görüm daha nə bilərsən? İkincihərəm. Doğrusu, qəzəbindən qorxuram. Pərvizxan. Söylə, yoxsa nəşini burada yıxaram yerə! İkincihərəm. Onun qızı da özü kimidir. Pərvizxan. Nə dedin, mənim qızım? İkincihərəm. Bəli, sənin qızın. Pərvizxan. Böhtan deyirsən, ləçər! Heç kəs mənim qızıma ləkə vura bilməz. Mənim qızım qızıl güldən təmizdir. İkincihərəm. Yalan olsa, hər bir cəzaya layiqəm. Sənin qızın Rəhim xanın göndərdiyi pəhləvanla aşnadır. Onun mərdanə güləşməyini görüb, bənd olubdur. Neçə dəfə onları bir yerdə görüblər. Amma qorxudan sənə xəbər verə bilməyiblər. Budur, qızın özü də gəlir. (Gedir.) Xanınqızı (daxil olur). Ata, mənim anamın günahı nə idi, onu zindana saldırıbsan? Ata can, vallah mənim anamın heç taqsırı yoxdur. Yalvarıram ata, ayaqlarından öpürəm, əmr elə mənim anamı zindandan çıxartsınlar. Pərvizxan. Sənin özünə anandan bəd tənbeh eləyəcəyəm! Xanınqızı. Mən nə günah eləmişəm, ata? Pərvizxan. Söylə görüm, Rəhim xan göndərən pəhləvanla sənin aranda nə var? Xanınqızı. Heç bir şey yoxdur, ata. Pərvizxan. Heç bir şey yoxdur? (Əl çalır, xacə daxil olur.) Çubuq hazır eləyin. Rəhim xanın yanından gələn pəhləvanı mənim yanıma gətirin. (Xacə baş əyib gedir.) Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. (Xacə bir dəstə çubuq gətirir.) Soyundur bunu! Xanınqızı. Ata, rəhm elə, mənim günahım yoxdur. Pərvizxan. Çubuq dəyəndə boynuna alarsan. (Pəhləvanı gətirirlər). Yavuq gəl, qoçaq! (Pəhləvan yavuğa gəlir.) De görüm, nə hədlə mənim qızıma əl atıbsan? Pəhləvan. Xan sağ olsun, burada əl atmaq sözü yoxdur. Sənin qızın məni sevib, mən də onu sevmişəm. Aramızda da kəbin var. Pərvizxan. Bəs belə?! Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm. Xanınqızı. Ata, izin ver ikicə söz deyim. Sən məni Rəhim xanın oğluna nişanlandırıbsan. Mən gendən o oğlanı görmüşəm. Arıq, rəngi saralmış, yol gedəndə, deyirsən İndicə yıxılıb öləcək. Özünün də, deyirlər, başında bir tikə ağlı yoxdur. Amma sən bircə bu oğlana bax. Gör necə gözəl, necə şad, qüvvətli, boylu-buxunludur. Özü də məni sağ gözündən artıq istəyir. Rəhim xanın oğlu çox da olsun xan oğlu, mən qızıl təşti neyləyirəm içinə qan qusam. Mən bu şücaətdə oğlanı iki yüz Rəhim xanın oğlu kimi tülküyə dəyişmərəm. Mən bunu sevmişəm, nə bilirsən mənə elə! Ölümə də göndərsən, şövqlə gedəcəyəm! Onu da bil ki, boyum doludur. Pərvizxan. Ax, nə binamusluq, nə böyük biabırçılıq! Rəhim xana mən nə cavab verəcəyəm? Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Səni görüm iki dünyada üzün qara olsun! (Xacələrə, fərraşlara) Bunları aparın! Deyin daş və qum hazır eləsinlər! Gərək bunların ikisini də mənim gözümün qabağında diri-diri divar içində qoyub hörsünlər. Aparın ikisini də!.. Pəhləvan. Xan, bunların mənə gücləri çatmaz. Amma mən özüm gedib öz sevgilimlə bir qəbrə həvəslə daxil olaram. Xanınqızı. Gedək, əzizim. Əlvida, sevgili atam. Qulam (daxil olur). Xan sağ olsun, Rəşidi heç yerdə tapmaq mümkün olmur. Tamam ətrafı atlılar gəziblər, kənddən gətirdiyiniz qız da onunla bahəm qaçıbdır. Pərvizxan (qəzəbnak). Bu nə xəbərdir? Bu saat iki yüz atlı hər tərəfə salınsın və onların ikisinin də özlərini, ya meyitlərini tapıb gətirsinlər! Yoxsa, qanı su yerinə axıdaram. Ax, ax!.. (Başını tutub taxtın üstünə yıxılır.) Pərdə * * * Üçüncü pərdə Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir. Qarovul (əlini gözünün üstünə qoyub, uzağa tamaşa eləyir). Heç bir qaraltı görünmür. Gedən yoldaşlardan da gözə bir nişan dəymir. Dəstəbaşımız da öz mağarasında əyləşib. Üç gündür nə isə bizimlə danışmaq istəmir. Ta ğ ı. Dəstəbaşının dərdini mən bilirəm. Onun nigarançılığı evindəndir. Bacısını xan çəkdirib aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır. Heydər. Yox, o, atasının və bacısının hayfını almayınca, rahat olmayacaq. Ta ğ ı. Pərviz xanın adı gələndə cəmi aləm tük salır. Bədəl ona nə eləyə biləcək? Heydər. Dünyanın işini bilmək olmaz. Fələk çox Bədəl kimiləri yuxarı qalxızıb. Pərviz xan kimiləri ayaq altına salıbdır. Pərviz xanın camaatla rəftarı bir az da belə gedərsə, axırda tək qalar. Qarovul. Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ta ğ ı. Rəiyyət alış-verişi eləyən bir Pərviz xan deyil, hamı xanlar bu işi tuturlar. Qarovul. Hamısının da axırı bir olacaq. Heydər. Doğru deyirsən, qardaşım. Biz qoçaq çıxdıq. Rəhim xana satılmış on beş nəfər silahlanandan sonra, dağlar arasına qaçıb, quldurluğa qurşandıq. Qaçmaq bacarmayanlar hamısı orada, burada boyunduruq altında qırılırlar. Heydər. Bəxtimiz onda kəsdi ki, bizim on beşimizi də bir adama satdılar. Yoxsa bölüşdürüb hər birimizi bir yana satsaydılar, hamımız puç olmuşduq. Ta ğ ı. Bədəltək igid yoldaş bizim aramızda olmasaydı, Rəhim xanın qulluğunda bizim ətimiz tökülüb, sümüklərimiz qalacaqdı. Bədəl içəridən çıxır, qaçaqlar qalxırlar. Bədəl. Gedən uşaqlardan bir xəbər yoxdur? Qarovul. Bu yerdən göz işlədikcə, dörd ətrafa baxıram, heç bir şey görsənmir. Ta ğ ı. Rəhim xanın adamları imdi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Bədəl. Mən Rəhim xandan qorxmuram. Heç kəsdən də qorxmuram. Bizim qaçdığımıza görə, Pərviz xanla Rəhim xanın aralarında, əlbəttə, ədavət düşəcəkdir. Bu da bizə əlverişli olar. İt itlə boğuşar, yolçunun işi avand düşər. Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz. Qarovul. İki qaraltı görünür, yəqin onlardır. Ta ğ ı. Ay Bədəl, nə olubdur sənə ki, necə gündür halın özünlə deyil? Yoxsa bir şeydən qorxursan? Əgər bir qorxu varsa, bizi də xəbərdar elə. Bədəl. Mən nədən qorxacağam? Uzaq başı ölümdür. Ölümdən də mən qorxan deyiləm. Ancaq məni çərlədən bir dərddir. Mən Bədəl olam, igidliyim hər yerdə danışıla, mənim atamı öldürüb, bacımı gəlib sürüyüb aparsınlar?! Yox, mən bu biabırçılığı yeyə bilməyəcəyəm və nə qədər də ki, hayıf almamışam, mən özümə gəlməyəcəyəm. Qarovul. Yoldaşlar özləri ilə bir gözü bağlı adam gətirirlər. Bədəl. Gətirsinlər görək, nə işdir. Yəqin geri qayıdası bir adamdır, istəmirlər yolu öyrənsin. Qaçaqlardan Xəlil və Şirin bir nəfəri gözü bağlı gətirirlər. Bədəl. Açın onun gözlərini, özünü də aparın bir kənarda saxlayın. Sonra danışdıraram. (Əsirin gözlərini açıb bir kənara aparırlar.) Xəlil, söyləyin görüm, nə iş görə bildiniz? Xəlil. Xoruzlar banlaşan zaman girdik kəndə. Hamı yatmışdı. Novruzqulunun evinə çatanda itlər üstümüzə gəldilər. İtlərin qabağına yanımızca götürdüyümüz bir parça əti atıb, yeridik qabağa. Qapını döydük. Novruzqulu oyanıb, xəbər aldı: "Kimsən?" Dedik: "Bizik". Səsimizdən tanıyıb qapını açdı, girdik içəri. Xoruzların üçüncü banınadək söhbət elədik. Deyir, camaatın canı boğazına yığılıb, bircə güllənin atılmasına məəttəldir. Xalqın gözü, deyir, Bədəldədir. Hamı, deyir, Bədəlin atlı, kəndin ortasına girməyini gözləyir. Deyir, camaatın sözü budur: belə yaşamaqdansa ölmək yaxşıdır! Bədəl (bir qədər fikirdən sonra). Novruzqulu yalançı kişi deyil. O, işin həqiqətini söyləyib. Mənim balaca qardaşımdan nə əhval bildiniz? Xəlil. Novruzqulu dua göndərib deyirdi, qardaşından hər barədə arxayın olsun. Hamımız ona atalıq, qardaşlıq eləyirik. Keçən il xan dara çəkdirdiyi Səfdər kişinin arvadını gətirib sənin evində qoyublar. Qardaşına müqəyyəd olur. Hər gün də dolanacağına lazım olan camaatdan verilir. Novruzqulu deyir, özümüz ac, çılpaq qalmağa razıyıq, amma Bədəlin qardaşını korluq çəkməyə qoymarıq. Bədəl. Qardaşlar, çox razıyam sizdən. Çox zəhmət çəkdiniz. Vaxtında Novruzqulunun da xəcalətindən çıxarıq. Gözü bağlı gətirdiyiniz kimdir? Xəlil. Bu adam bizə yolda rast gəldi. Dedi Bədəl xana vacib sifariş aparıram, onun yerini mənə göstərin. Biz də gözlərini bağlayıb gətirdik, ki, xəlvət yolu görməsin. Bədəl. Buraya gətirin onu. (Xəlil gedir.) Yoldaşlar, daha bundan sonra məni bikef görməsiniz. Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. O da sizin köməyinizlə mümkün olar. (Xəlil kişini gətirir.) Kimsən, nəçisən? Ki ş i. Mən Abdulla xanın yaxın adamlarındanam. Məni xan özü sənin yanına göndərib. Səninlə görüşüb, bir para işlər haqqında söhbət eləmək istəyir. Bədəl. Abdulla xanın qaçaqlar dəstəbaşçısı ilə nə alıb-verəcəyi ola bilər? Kişi. Xanın sizinlə və sizin yoldaşlarınızla vacib söhbəti var. Razı olsanız ikicə nəfər adamla gələr. Bədəl. Abdulla xan uzaqdadırmı? Ki ş i. Xeyr, bu yavuqda, çayın kənarında quş ovladır. Bədəl. O yerlər ki Pərviz xanın ovlağıdır? Ki ş i. Bəli! Bədəl. Pərviz xan ona quş ovlatmağa izin veribdirmi? Ki ş i. Xeyr. Abdulla xan buyurur ki, gərək Pərviz xanın ovlağını xaraba qoyam. Bədəl. Səbəbi nədir? Onlar ki, dost idilər? Ki ş i. Daha səbəbini bilmirəm. Bədəl. Get Abdulla xana mənim tərəfimdən ərz elə ki, hər vaxt buyursa, onun qulluğunda hazıram. Bu kişini aparın ötürün getsin. Bir nəfər onu aparır. Qarovul. Yolla bir atlı gedir, tərkində də dolu xurcun. Bədəl. İki nəfər gedin, görün kimdir, gətirin buraya. (İki nəfər gedir.) Bilirsinizmi, qardaşlar, biz, doğrudur, adımızı qaçaq-quldur qoymuşuq, amma bizim qəsdimiz yol adamlarını çapıb talamaq deyil. Birinci qəsdimiz çalışıb özümüzü və öz kasıb qardaşlarımızı Pərviz xan və Rəhim xan kimi qaniçənlərin caynaqlarından qurtarmaqdır. Bizim kimi evindən, eşiyindən didərgin düşənlər çoxdur. Onların hər birinin dalınca qalan gözlər var. Camaat xanların zülmündən təngə gəlib. Onlara bircə işarə eləmək lazımdır ki, hamısı bir adamtək xanların üzlərinə dursunlar. Odur ki, biz gərək qüvvəmizi artırıb, kəndlilərin arasına adam salıb, camaatı tərpədək. Ondan sonra asanlıqla məramımıza çatarıq... Ta ğ ı. Ondan sonra sən bizim xanımız olarsan. Bədəl. Heç kəs xan olmaz. Farağat çəkilib, xışımın dəstəsindən yapışsam, özümü xanların hamısından böyük hesab elərəm. Şirin. Bəs belə olan surətdə, biz burada nə yeyib dolanacağıq? Bədəl. Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər. Əlavə, mən demirəm ki, biz burada bikar oturacağıq. Dövlətli xandan, bəydən, tacirdən ələ keçdi, əlbəttə, soyacağıq. Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Dövlətlinin malı halaldır. (Qaçaqlar bir erməni gətirirlər.) Yolda gedən atlı bu idimi? Qaçaq. Bəli. Bədəl. Allah saxlasın, a kirvə, yaxına gəl görüm. Er məni. Ay xan, Qurbanın olum, məni balalarının başına pırlandır. Hər nəyim var verim, məni boşla gedim. İmdi balalarımın gözləri yoldadır. Bədəl. Mən xan deyiləm, yaxına gəl. (Erməni yavuğa gəlir.) Hardan gəlirdin? Erməni. Qurbanın olum, xan… Bədəl. Yenə mənə xan dedin? Bir də xan desən səni öldürərəm. Erməni. Yox, başığa dönüm, daha demərəm. Şəhərdən gəlirəm. Qızım üçün bir az yalavaşlıq almışam, aparıram. Sabah qızımın toyudur. Bədəl. Aç görüm nə alıbsan. (Erməni qorxa-qorxa xurcunun açır.) Elə bu? Er məni. Bə nə olar, başına dönüm? Mənim də gücüm buna çatır. Elə bunu al, məni boşla gedim. Istəmirəm, qızımı cehizsiz də yola salaram. Bədəl. Bu azdır, ay kirvə, bununla toy olmaz. (Çıxarıb pul verir.) Al bu beş qızılı, qayıt bazara, bir az da parçadan-zaddan al apar. Qızına əməlli toy elə. Erməni (qorxub, pulu almaq istəmir). Yox, Qurbanın olum, mənimlə zarapat eləmə. Pağır adamam, burax gedim. Həmişə sağa kilisada dua eləyim. Bədəl. Duan lazım deyil. Al pulu. (Erməni pulu alır). Di şeylərini də qaytar yığ xurcuna. (Erməni yığışdırır.) Di gedə bilərsən. (Yoldaşlarına) Uşaqlar, bunu salamat ötürün, getsin. Erməni. Allah səni öz pənahında saxlasın. Tavahqa eləyirəm zəhmət çəkib yoldaşlarınla mənim ğızımın toyuna gələsən. Bədəl. Yox toya gələ bilmərik. Ancaq hər kəs səndən soruşsa ki, bu bir belə pulu sənə kim verdi, deginən Allahqulu oğlu Bədəl. Erməni. Başığa dönüm, o Bədəl deyilən sənsən? Bəs səni bir yaman ğaniçən adam söyləyirlər? Bədəl. Qan içdiyimi gördün. Di get, nağıl elə. Erməni. Muraxas olum. Bədəl. Xoş gəldin. Er məni (gedə-gedə). Hər bazar günü sağa dua eləyəcəyəm. Bədəl. Get, nə qədər kefİndir dua elə. Erməni gedir. Abdulla xan iki nəfərlə daxil olur. Abdullaxan. Bədəl sənsənmi? Bədəl. Bəli, mənəm. Mənə görə qulluğun nədir, xan? Abdullaxan. Xahiş edirəm burada səndən və məndən başqa adam qalmasın. Bədəl (yoldaşlarına). Kənara çəkilin. Hamı gedir. Abdullaxan (adamlarına). Siz də gedin, o yanda məni gözləyin. (Adamlar gedirlər, Bədələ) İmdi əyləş söhbət eləyək. Hər ikisi daş üstündə əyləşirlər. Abdullaxan. Bilirsənmi mən sənin yanına niyə gəlmişəm? Bədəl. Buyur xan. Abdullaxan. Buraya gəlməkdən qəsdim, səndən özümə kömək istəməkdir. Bədəl. Xan, mən bir balaca adamam. Beş-on yoldaşla sənə nə kömək verə bilərəm? Abdullaxan. Sənin igidliyin hər yerdə söylənir. Pərviz xanın əlindən rəiyyəti cana doyub. Hər dəqiqə onun üstünə hücuma hazırdırlar. Ancaq başbilənləri yoxdur. Sənin kimi bir igid onların qabağına düşsə, hamısı onun dalınca gedərlər. Odur ki, sənin mənə çox köməyin dəyə bilər. Mənim beş yüzdən ziyada atlım var. Hamısının da sərkərdəliyini sənə verərəm. Sənin ürəyin Pərviz xandan dağlanıb. Mən də gərək onun həftad püştünə od vuram. Bədəl. Sizin aranızda, ədavət olduğunu mən eşitməmişəm. Abdullaxan. Üç il bundan qabaq o mənə bir yara vurub, hələ də sağalmır. Bədəl. Necə yara? Abdullaxan. Bu əhvalatı hamı bilir. Mən Abdulla xan olam, hamı bəylərin, xanların yanında mənim hörmətim olsun, amma Pərviz xan mənim köpəyimi öz köpəyinə boğdursun? Mən bu binamusluğu heç vaxt yeyə bilmərəm. Bədəl. Ay xan, iti boğulmaq nə böyük işdir? Abdullaxan. Sən bilmirsən, oğul. Biz xanların arasında adamın ya iti boğuldu, ya özü, heç təfavütü yoxdur. Mən gərək Pərviz xanın özünü it kimi boğam. Bədəl. Xan, sənin bu təklifin ürəkdəndir, ya dildən? Abdullaxan. Abdulla xan yalan danışmaz. Mən sənə xalis ürək sözümü dedim. Əlini mənə ver. Sən mənə köməkçi, mən də sənə. Bədəl (bir az fikir edib). Al, bu da mənim əlim. Hazıram. Abdullaxan. Mən gedirəm, hər hazırlığımdan hər vaxt səni xəbərdar edəcəyəm. Bə dəl. Çox gözəl, etibar elədiyin adamlardan bir neçəsini dilənçi, ya çərçi sifəti ilə sal Pərviz xanın kəndlərinə, camaatı hazırlasınlar. Abdullaxan. Gözəl məsləhətdir, elərəm. Salamat qal. (Əl verir.) Bə dəl. Xoş gəldin, xan. Yaxşı olardı, əyləşəydin bir quzu kəsdirəydim. Abdullaxan. Çox sağ ol. Sənin mənimlə birləşməyin özü bir böyük qonaqlıqdır. (Gedir.) Bədəl (onu ötürüb qayıdır). Yoldaşlar, buraya yığılın. (Yoldaşları cəm olurlar.) Qardaşlar, az keçər ki, hamımız yenə evlərimizə qayıdıb kasıbçılığımızla məşğul olarıq. Şirin. Yoxsa, Pərviz xan bizim taqsırımızdan keçib və Abdulla xanı da buraya təvəqqe üçün göndərib? Bədəl. Yox, Abdulla xan bizimlə bir yerdə onun üstünə gedəcək. Şirin. İnanma, Bədəl. Adam xana inanmaz. Xan xanın ayağını basmaz. Axırda yenə hər nə toxunsa bizə toxunacaq. Bədəl. Yox, elə deyil. Bizim birimizin bacısını çəkiblər, birimizin qızını çəkiblər. Kiminin atasını öldürüblər, kiminin oğlunu atasının gözünün qabağında satıblar. Bunlar çox böyük zülmdür. Amma Abdulla xana dəyən zülm bunların hamısından yamandır. Yoldaşlar. Nə zülm? Nə zülm? Bədəl. Pərviz xanın köpəyi Abdulla xanın köpəyini boğubdur. Yoldaşlar gülüşürlər. Şirin. Doğrudan da böyük zülmdür. Xanın iti boğula, hayfını çıxmaya? Onda gərək xanlığından əl çəksin. Bədəl. Həqiqət, zarafata salmayın, yoldaşlar, xan iti boğulmaq böyük işdir. Səfi və bir nəfər yoldaşı Mirzə İsmayılla Rəcəb kəndxudanı qolu bağlı gətirirlər. Bədəl. Bəh!.. Bəh!.. Nə gözəl qonaqlarımız gəlirlər! Bu böyüklükdə qurbanları hardan ovladınız? Səfi. Doğrusu, axır günlərdə biz sənin üzünə baxa bilmirik. Səni bikef gördükcə ürəyimiz qana dönürdü. Axır fikirləşdik ki, gedib buna bir yaxşı peşkəş gətirək, bəlkə kefi açıla. Gecə, xəlvət gedib girdik kəndə. Uşaqlardan bir neçə nəfər götürüb, gedib Mirzə İsmayılın yatdığı yerdə ağzını bərk bağlayıb, evindən çıxarıb çəkdik xanlıq dəyirmana. Orada qoyub, getdik Rəcəb kəndxudanın üstünə. Birbaş girdik evinə, “kimsən” deyib, qalxan kimi iki tərəfdən tüfəngi dayadıq qabırğasına. Səsini orada kəsdi. Onu da apardıq dəyirmana. Orada hər ikisinin qollarını qıs-qıvraq bağlayıb gətirdik qulluğuna. Bundan sonra bunların ixtiyarı sənin əlindədir. Istərsən öldür, istərsən dirilt. Bədəl. Çox razı oldum sizdən, qardaşlar. Belə qulluğa candan keçmək deyərlər. Həqiqət, dəyərli peşkəş gətiribsiniz. (Mirzə İsmayıla) Mirzə İsmayıl! Əhvalın necədir, salamatsanmı? Mirzə İsmayıl. Daha mən nə söyləyim, əhvalımın necə olduğunu görürsən. Bədəl. Görürəm, yaxşı görürəm. Bəs bilmirdinmi ki, xan evində yediyin plovu bir gün burnundan tökərlər? Güman edirdin ki, həmişə xan qulluğunda qalıb, yeyib yatacaqsan? Mirzə İsmayıl. Ay Bədəl xan... Bədəl. Xan özünsən, hər bir quldura xan deməyə dilin öyrənib. Mənim atamı xana çuğullayıb, boğazından çəkdirəndə, bacımı sürüyüb xanın yatacaq otağına salanda mənə xan demirdin, İmdi nə olubdur? Mirzə İsmayıl. Biz ata-babadan xan evində, xan qulluğunda, xan çörəyi ilə böyümüş adamlarıq. Sədaqətlə xanlara xidmət eləmək bizim vəzifəmiz olubdur. Başqa qulluğu nə görmüşük, nə də eşitmişik. Biz rəiyyəti xanın qapısında gəzən dördayaqlıdan ayırmamışıq. Bu taqsır da bizdə deyil. Bizə ata-babadan verilən tərbiyədir. Bədəl. Bəli, sənin sözünü eşitdik. İmdi, Rəcəb kəndxuda, buyur görək sənin üzrün nədir? Bu kişi at-babadan, necə ki, söylədi, xan qulluğunda olub. Xana doğruluqla qulluq eləyir. Sən ki, ay yekəbaş heyvan, kəndli oğlusan, kənddə yeyib, içib böyümüsən, sənə nə düşübdü bu müftəxorlara qoşulub, rəiyyəti xanın ayağına verirdin? Kənddə qız qalmadı çəkib aparıb xana verməyəsən. Kəndin neçə igidlərini güdaza verdin. Tfu sənin sifətinə! İmdi özün de görüm, sənin cəzan nədir? Rəcəbkəndxuda. Bədəl, əmioğlu, Qurbanın olum, bir qələtdir eləmişəm. Başımı daşın böyüyünə döymüşəm. Məni Allahqulu əminin goruna bağışla. Burada məni yanında saxla, sənə it kimi qulluq eləyin. Bədəl. Sənin qulluğun mənə lazım deyil. (Yoldaşlarına) Çəkin bunu daşın dalına rahat eləyim. Rəcəbkəndxuda (Bədəlin ayaqlarına yıxılır). Atam, anam sənə Qurban, Bədəl. Mənim balalarımı yetim qoyma. Bədəl. Sən özün az balalar yetim qoymayıbsan. Sürüyün bunu buradan! (Rəcəb kəndxudanı sürüyüb aparırlar.) Mirzə Ismayıl, İmdi sənin axır sözün nədir? Mirzə İsmayıl. Mənim bir sözüm yoxdur. Mənim ixtiyarım sənin əlindədir. Öldürmək, ya bağışlamaq səninlədir. (İki güllə səsi gəlir.) Xahiş elərsən, sənin yanında qalıb, sədaqətlə xidmət elərəm. Sənə bir savadlı adam lazımdır... Rəcəb kənxudanı aparanlar qayıdırlar. Bədəl. Necə oldu? Yoldaşlardan biri. Sağ-salamat göndərdik atababasının yanına. Bədəl. Çox gözəl. (Mirzə İsmayıla) Biz öz başımızın çarəsini özümüz eləyəcəyik. Qarnı xanlıq aşpazxanasının qazmağı ilə dolu olanlardan bizə fayda çatmaz. (Yoldaşlarına) Uşaqlar, bunu da aparın Rəcəb kəndxudanın yanına. Bunları bir-birindən ayırmaq günahdır. Mirzə İsmayılı aparırlar. Qarovul. Yuxarıdan bir nəfər atlı, tərkində bir qız, çaparaq buraya gəlir. Bədəl. Yəqin hər kəs isə, qız götürüb qaçıb, bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. (İki güllə atılır.) Bəli, Mirzə Ismayıl da təşrif apardı. İmdi növbət Pərviz xanındır. Qardaşlar, doğrudur, hər yerdə məni igid söyləyirlər, amma İndiyədək heç kəsin nə malına və nə canına qəsd eləməmişəm. Yanımda toyuq başı kəsiləndə üzümü kənara tutmuşam. Amma bu məlunların ölümü mənə ləzzət verir. Qaçaqlardan biri. Niyə, bir oymağın adamları deyilikmi? Səni kim tanımır? Rəşid, yanında Gülsənəm, daxil olur. Gülsənəm. Ölümüm ayağının altında olsun, ay qardaş! Yüz şükürlər olsun ki, səni gəlib sağ-salamat tapdım. (Özünü Bədəlin üstünə atır.) Bədəl (onu qucaqlayır). Əziz bacım, xoş gəldin. Daha mənim bir qeydim qalmadı. Bəs bu səni gətirən oğlan kİmdir? Rə şid. Mən Pərviz xanın pişxidmətlərindənəm. Adım Rəşiddir. Bu qızı gətirdilər xanın evinə. Baxdım ki, hərəmlər bunu, gözəlliyinə görə, öldürəcəklər. Doğrusu, mən özüm kəndli balasıyam, bir kəndli qızının mənim gözümün qabağında öldürülməsini namusum götürmədi. Bunu qapıda görüb dedim, bacı, sən buradan qaçmasan, səni öldürəcəklər. Gəl mən səni qaçırım. Qız razı oldu. Pərviz xanın atlarının bir yaxşısını yəhərləyib, minib, bunu da tərkimə alıb qaçdım. Hara qaçdığımı özüm də bilmirdim. Kəndbəkənd gəzib orada, burada gizləndik. Sonra sənin Rəhim xanın yanından yoldaşlarınla qaçdığın xəbəri yayıldı. Bu ağlayıb özünü öldürdü ki, gərək məni qardaşıma yetirəsən. Budur, mən də gətirdim. Bədəl. Çox razıyam, qardaşım. Adın Rəşiddir, yəqin özün də Rəşid sən. Rəşid. İzin olsa, mən də həmişəlik burada, sizin yanınızda qalaram. Bədəl. Çox yaxşı olar. Qardaş, sənin bu yaxşılığın əvəzində sənə bir layiqli ənam verəcəyəm. Onu da Pərviz xanın nəşinin üstündə alacaqsan. Yoldaşlar, buraya yığılın! (Yoldaşlar cəm olurlar.) Yoldaşlar daha biz burada qala bilmərik. Pərviz xan, Mirzə İsmayılın və Rəcəb kəndxudanın oğurlandığını eşidib, yəqin gəlib kəndi dağıdacaq. Ona görə gərək özümüzü kəndin köməyinə yetirək. Kənd və bizim gəlməyimizi gözləyir. Hazırlaşın, qaranlıq düşən tək gərək buradan tərpənək. (Rəşidi göstərir). Bu oğlan da ki, mənim bacımı əsirlikdən qurtarıb, bizim yoldaşımız və qardaşımız olacaq. Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Camaatımız xan caynağından qurtarıb öz əlinin əməyini rahat yeyib yaşayar. İmdisə, yoldaşlar, bir qədər kef çəkməyin eybi yoxdur. Bir az çalıb-oynayıb yola düşərik. Balaban çalınır. Cavanlar oynayırlar. Pərdə * * * Dördüncü pərdə Pərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur. Pərvizxan. De görüm, nə xəbər var? Sadıqbəy. Nə xəbər olacaq?! Abdulla xan xanlıq qoruqda çadırlarını qurub əyləşib. Xanlığın hər yerindən də ona kömək gəlməkdədir. Pərvizxan. Mənim öz camaatım mənim üzümə ağ olub, düşmənimə kömək verir. Heydərxanlı atlıları gərək bu gün özlərini buraya yetirələr. Oradan da bir xəbər yoxdur. Mirzə İsmayıl, bilmirəm, hansı cəhənnəmə gedibdir. Budur, bir həftədir ondan kağız yoxdur. Hətta Abdulla xanın mənim üstümə yerimək xəbərini eşidən tək Mirzə Ismayılın üstünə çapar göndərmişəm. O da İndiyədək qayıtmayıb. Nə qədər fikir edirəmsə, bir şey anlaya bilmirəm. Çıx əmr ver, təzədən Heydərxanlıya bir çapar göndərsinlər. Bəlkə Abdulla xanla bizim danışığımız qurtarınca atlılar özlərini yetirələr. Sadıqbəy. Xan, Heydərxanlıya çapar göndərməyin faydası yoxdur, göndərsək də gedib gəlməyəcək. Pərvizxan. Bu nə sözdür? Nə demək istəyirsən? Mənimlə açıq danış. Sadıqbəy. Bağışlayın, xan. Biz ancaq iki yüz nəfər atlı cəm edə bilmişik. Onlara da artıq ümid bağlamaq olmaz. Bərkə düşəndə hamısı üz döndərəcəklər. Rəhim xana satdığınız Bədəl Allahqulu oğlu bu saat yoldaşları ilə bir yerdə əyləşib Heydərxanlıda. Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaət eləməkdədirlər. Pərvizxan. Bəs Mirzə İsmayıl niyə İmdiyədək mənə bir məlumat vermir? Mən bu əhvalatı bilsəydim, Abdulla xanla özgə dillə danışardım. Sadıqbəy. Xan, Heydərxanlıda bu saat nə Mirzə İsmayıl və nə də Rəcəb kəndxuda var. Pərvizxan. Necə olublar? Sadıqbəy. Onların hər ikisini, gecə yatdıqları yerdə, Bədəlin adamları oğurlayıblar və yəqin ki, öldürüblər. Pərvizxan. Bəs bu xəbəri indiyədək mənə niyə gətirməyiblər? Sadıqbəy. Kim gətirəcək? Heydərxanlıdan buraya bir nəfər gəlmir. Siz göndərən adamları da öldürməyiblərsə də, tutub kənddə saxlayıblar. Pərvizxan (bir qədər fikirdən sonra). Deyirsən iki yüz atlın var? Sadıqbəy. Bəli, ancaq toplamaq mümkün oldu. Pərvizxan. Rəhim xandan da neçə gündür bir xəbər yoxdur. Onun atlıları bu günədək gərək burada olaydılar. Sadıqbəy. Xan, məgər Rəhim xan sizə kömək göndərər? Pərvizxan. Necə göndərməz? Bəs niyə Rəhim xan Xudayar xanla dava eləyəndə mən ona üç yüz nəfər Heydərxanlı atlısı göndərdim? Və onların köməkliyi ilə Rəhim xan qalib gəldi. Sadıqbəy. Özünüz bir fikir edin? Rəhim xana on beş nəfər Heydərxanlı cavanlarından satdınız. Onlar da Rəhim xandan aldıqları silahları götürüb, onun mal-qoyununu da qabaqlarına salıb, dağlara çəkildilər və quldurluğa qurşandılar. Qızınızı Rəhim xanın oğluna verməyi vədə etdiniz, o da baş tutmadı. Bundan sonra Rəhim xan sizə köməkmi verər? Pərvizxan. Məgər Rəhim xan anlamırmı ki, Abdulla xan məni məğlub eləyəndən sonra güclənib, Rəhim xanı da rahat qoymayacaq. Rəhim xan öz canını saxlamaqdan ötrü gərək mənə kömək versin. Sadıqbəy. R ə h i m xanın Abdulla xanla bir ədavəti yoxdur. Hələ, necə ki, sizə məlumdur, aralarında qohumluq da var. Rəhim xanın qızı Abdulla xanın oğlundadır. Əlavə, lazım olan vaxt Rəhim xan İrandan kömək də ala bilər. Bunun üçün ancaq İran şahlarının təhti-himayələrinə keçmək lazımdır. Pərvizxan. Məgər mən də bu yolla kömək ala bilmərəm? Sadıqbəy. Gecdir, xan. Düşmən ətrafı bürüyüb, hətta sizə qaçmaq yolu da qoymayıblar. Pərvizxan. Onda sən mənə bir məsləhət tök. İşdən çıxmış, neçə belə çətinliklərə düşmüş adamsan. Sadıqbəy. Məsləhət yolu qalmayıbdır. Xan, ya gərək Abdulla xanın istədiyini verəsiniz, ya onunla davaya girişəsiniz. Pərvizxan. Abdulla xanın təklifi məgər eşidiləsidir? O məndən xalqımın yarısını və on min qızıl pul tələb eləyir. Mən də cavabında ona məktub göndərib yazmışam ki, biz xırda xanların hamısının başlarının üstündə İran kimi böyük bir düşmən durubdur. Onun müqabilində biz ancaq birləşməklə davam gətirə bilərik. Bizim aramızda ədavət olarsa, təklikdə bizi asanlıqla yox eləyərlər. Bunu yazandan sonra ona on beş kənd və iki min də qızıl təklif eləmişəm. İmdi cavab gözləyirəm. Yəqin təklifimi qəbul eləyəcək. Ondan sonra, mən bilirəm üz döndərən, nəməkbəhəram kəndlilərin başlarına nə müsibət gətirəcəyəm. Sən daha get qoşunlarının yanına. Hər halda bizə hazırlıq lazımdır. (Sadıq bəy gedir. Pərviz xan, başını tutmuş, otaqda gəzinir. Qasid daxil olur.) Hə, nə xəbər gətirdin? Qasid. Xan sağ olsun, Abdulla xan kağızı oxuyandan sonra sərkərdələrini yığıb məsləhət elədi. Sonra məni çağırıb buyurdu ki, Pərviz xanla daha heç bir danışığa girməyəcəyəm. Hətta ondan istədiyimi də versə qəbul eləməyəcəyəm. Mən gərək onun bütün xanlığına sahiblənim. Heydərxanlı Allahqulu oğlu Bədəl də neçə yüz atlı ilə oradadır. Məni kənara çağırıb dedi, gedib xanına deyərsən, Abdulla xanla barışsa da işi mənimlə olacaq və Abdulla xanı onunla barışmağa da mən qoymuram. Pərvizxan. Çıx, cəld Sadıq bəyi geri döndər. (Qasid çıxır. Pərviz xan başını tutmuş halda otaqda gəzinir və tez-tez gedib pəncərədən baxır. Sadıq bəy daxil olur.) Sənə məlum etməliyəm ki, bizim müharibədən savayı başqa yolumuz qalmayıbdır. Abdulla xan bizim təklifimizi rədd eləyibdir. Əgər Abdulla xanın qoşununa faiq gəlsəniz, məndən istədiyi on min qızılı sənə və sənin sərkərdə yoldaşlarına vədə eləyirəm. Get, qardaşım. Sadıqbəy. Biz davaya hazırıq və dava da eləyəcəyik. Ancaq Abdulla xanın qoşunu beş bizimki qədərdir. Pərvizxan. Səngərlərinizi bacardıqca möhkəm edin. Atlılara mümkün olduqca ürək verin və mənim tərəfimdən onlara yaxşı ənamlar və xələtlər vədə eləyin. Sadıqbəy. Baş üstə, xan. Əlimizdən gələn qədər çalışacağıq. Daha mən gedim. Pərvizxan. Get, qardaşım, get, oğlum. Sadıq bəy gedir. Xan divanəvarı gəzinir. Başhərəm (sabiq ikinci hərəm, daxil olur). Əzizim xan, bu nə işdir? Deyirlər bu saat Abdulla xanla dava başlayırsan? Pərvizxan. Bəli, başlayıram, sənlik nə var? Başhərəm. Məgər heç hərəmxananın fikrini çəkməyibsən? Bəs biz haraya qaçacağıq? Pərvizxan. Siz qaçacaqsınız cəhənnəmə, gora! Nə bilim haraya qaçacaqsınız? Mənim başıma gələn müsibətlərin hamısının səbəbi sən məlunsan! Başhərəm. Dahı gör nə var? Mən niyə səbəb oluram? Mən nə eləmişəm? Pərvizxan. Daha nə eləyəcəksən? Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. İmdi mənim qızım Rəhim xanın evində olsaydı, Abdulla xan heç vaxt mənim üstümə ayaq almağa cürət eləməzdi. Başhərəm. Qızıyın aşnabazlıq elədiyini mən ki, sənə yalandan demədim. Arvadıyın Rəşidlə öpüşdüyü gözünlə görmədinmi? Pərvizxan. Gördüm, gözümlə gördüm. Məgər mənim hərəmxanamda bir salamat arvad var? Hamınız fahişəsiniz. Bu saat sənin başını öz əlimlə kəsəcəyəm, məlun! (Boğazından yapışıb yıxır yerə, xəncəri çəkir.) Başhərəm. Ay haray, ay aman, qoymayın! Hüseyn (cəld daxil olub, xanı itələyir). Kənar ol! Pərvizxan. Sən nəçisən? Nə ixtiyarla buraya daxil oldun? Hüseyn. Mənim gözümün qabağında heç kəs sevgilimi öldürə bilməz! Pərvizxan. Nə söyləyirsən, namərbut? Kİmdir sənin sevgilin? Başhərəm. Sevgilisi mənəm, mən! Sən hərəmxananı arvadla doldurub, hamısını yoxsa itaətdə bilirsən? (Hüseynə qısılır.) Pərvizxan. İkinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəhəramlar! (İstəyir üstlərinə getsin, Hüseyn onu itələyib yıxır, baş hərəmlə otaqdan çıxır. Xan, əlində xəncər, onların dalınca yüyürür. Atışma başlanır, nökər xanı gətirir otağa.) Nökər. Xan sağ olsun, hər tərəfdən güllə dolu kimi yağır. Özünü xataya toxuma. Əyləş otaqda. Biz, nə qədər canımız var, dava edəcəyik. Pərvizxan. Getmə, dayan burada mənim yanımda, getmə. (Özünü taxtın üstünə yıxıb, gözləri böyümüş halda o yan-bu yana baxır. Atışma getdikcə artır və yavuqlaşır.) Sərkərdə (daxil olur). Xan sağ olsun, qoşun davam gətirə bilmir. Abdulla xanın atlıları dolublar kəndə və xanlıq tikililərinə od qoyublar. Od gəldikcə saraya yavuqlaşmaqdadır. Buradan sizin yayınmağınız lazımdır. (Çıxır.) Pərvizxan. Mən xan deyiləm, heç zad deyiləm. Mən yırtıcı köpəyəm, canavaram, cəlladam! Ayağımı buradan bir qədəm də kənara qoymayıb, ölüncə qalacağam. (Nökərə) Tüfəngi doldur, buraya ver. (Nökər tüfəngi sümbə ilə lüləsindən doldurub verir. Xan atır.) Ölməkdən qabaq bu məlunlardan gərək bir neçəsini cəhənnəmə göndərim. (Xan bir tüfəngi tuşlayıb atınca, nökər o biri tüfəngi doldurub hazır edir.) O biri tüfəngi ver buraya! (Atır.) Al, bunu doldur. Bax, o atlını gözlə. (Atır.) Gör atdan necə də dəydi yerə. Al bunu, o birisini ver. (Atır.) Bu da birisi. Afərin, Pərviz xan! Bu da biri. Atışma daha da şiddət eləyir. Xan güllə atmaqda davam edir. Alov evi əhatə edir. Pəncərədən bir güllə nökərə dəyir. Nökər yıxılır. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yan-bu yana çırpır. Bədəl və Rəşid daxil olurlar. Pərvizxan. Sən kimsən? Bədəl. Xan sağ olsun, yoxsa tanımırsan? Pərvizxan (divanəvarı). Yox, tanımıram! Bədəl. Mən boğazından asdırdığın Allahqulunun oğlu, zorla çəkdirib apardığın Gülsənəmin qardaşı, Rəhim xana yüz əlli qızıla satdığın Bədələm. Pərvizxan. Sən nə ixtiyarla öz xanının üstünə gəlirsən? Bədəl. Nə ixtiyarla? Bu ixtiyarla! (Güllə ilə vurur. Xan yıxılır.) Daha ürəyimdə dərdim qalmadı. Axırıncı hayıfı aldım. (Ayağını qoyur xanın bədəninin üstünə). Rəşid, yavuğa gəl. Mən bu xanın nəşinin üstündə sənə bir xələt vəd eləmişdim. Bu peşkəs mənim bacımdır ki, burada sənə verirəm. Rə şid. Çox gözəl, bu mənim ürəyimdən keçən peşkəşdir. Gəl qardaş, bu fəthdən sonra bir şirin öpüşək. Qucaqlaşıb öpüşürlər. * * * == Baba yurdunda == Baba yurdunda Beş pərdədə İştirak edənlər: Cahangirağa – iyirminci əsrin əvvəlində, Pərviz xan nəslindən bir mülkədar, otuz beş yaşında Ehsanxan – qoca mülkədar, Cahangir ağanın mülk qonşusu Namaz – Cahangir ağanın darğası Gülnisə } kənd qızları Balaqız } kənd qızları Həsən – Gülnisənin atası Tubu – Həsənin arvadı Sadıq } kəndli Həzrətqulu } kəndli Şahmarbəy - pristav Aşıq Cəfər – saz aşığı Iskəndərzadə – dairə icraiyyə komitəsi sədri MirzəSəməd – katib Kəndlilər, şikayətçilər, qadın, yasovul,yüzbaşı, toybaşı, fərraş, mirab,milisioner və s. * * * Birinci pərdə Cahangir ağanın evinin qabağında bir bağça. Neçə nəfər fəhlə işləyir. Arvadlar, qızlar alaq edirlər. Gülnisə (Balaqıza). A Balaqız, daha mən sabahdan buraya işləməyə gəlməyəcəyəm. Balaqız. Niyə gəlməyəcəksən? Gündə dörd abbası pul alırsan, az ki deyil. Gülnisə. Dörd abbasını mənə harada işləsəm verərlər. Balaqız. İmdi ki elədir, daha niyə gedib qapılarda işləyəsən? Öz evinin içində öz ağamıza işlə. Gülnisə. Yox, iş onda deyil. Balaqız. Bəs nədədir? Gülnisə. Doğrusu, mən ağadan qorxuram. Balaqız. Niyə qorxursan? Ağa ki, səni tutub yeməyəcək. Gülnisə. Danışanda adamın gözünün içinə bir tövrlə baxır ki, az qalır adamın bağrı yarılsın. Hərdənbir ondan elə sözlər eşidirəm ki, heç anadan olandan eşitməmişəm, lap qulaqlarım taqqıldayır. Balaqız. Özgə ağalar da bunun kimi. Ağalar, bəylər hamısı bir cürdür. Bir düzgün qız sifəti görəndə ağızlarının suyu axır. Gülnisə. Məndə düzgün sifət nə gəzir, ağaların xoşuna gələ? Balaqız. Nahaq yerə özünü mazata qoyma. Bu kənddə səndən gözəl kim var ki? Kəndin oğlanları hamısı səndən ötrü divanədirlər. Bax, o qıraqda işləyən Sadığı görürsən? Budur, iki ildir sənin dalınca sürünür. Elə bilirsən heç kəsin xəbəri yoxdur? Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Heç nahaq yerə ağzını yorma. Bilirəm, sənin də onda könlün var. Nə olar? Yaxşı oğlandır. Çox mübarək olsun. Atayın deyəsən ondan xoşu var. Gülnisə. Atamın çox da xoşu olsun, mənim onda (barmağının ucunu göstərir) heç bircə belə də könlüm yoxdur. Qoy boğazı yırtılınca bayatı çağırsın. Balaqız. Bilirəm, bilirəm! Özünü faqqılığa vurma. O günü qızlar nağıl eləyirdilər ki, sən bulaqda su dolduran vaxt İskəndər səni gendən alma ilə vurub. Sən də dönüb baxıb gülübsən. Sonradan o yan-bu yana göz gəzdirib, görübsən ki, baxan yoxdur, almanı yavaşcadan götürüb cibinə qoyubsan. Gülnisə. Yalandır, atamın canı üçün yalandır. Üstümə nahaqdan şər atırlar. Qadam onun almasına da, özünə də. Balaqız. Yalan deyil. Nahaq yerə and içmə. Doğrudur, bir də üstündən. Gözləri ilə görənlər deyiblər. Gülnisə. İmdi ki belədir, yaxşı eləyirəm. Əlimin içindən gəlir. Əvvəlaxır bir qız bir oğlanındır. Atam evində qalıb un çuvalına tay olmayacağam ki?! Cahangir ağa içəridən çıxır. Qızlar danışığı kəsirlər. Cahangirağa. Namaz! Namaz! (Çağırır.) Namaz (kənardan). Bəli, ağa. Cahangirağa. Bu axşam uşaqlardan bir-iki nəfər göndər, gedib suyun başını pambığa sarı çevirsinlər. Pambıq yanır, heç kəsin xəbəri yoxdur. Namaz. Çox yaxşı xəbərim var, ağa. Ancaq iki gün Cəbrayıl kişiyə axacaq, ondan sonra növbət bizim pambığa düşəcək. Cahangirağa. Cəbrayıl kişi qələt eləyir. Onun yarım desyatin pambığı yanacaq deyə mən özümə otuz min ziyan vura bilmərəm ki. Nə tövr deyirəm, elə də elə. Namaz. Baş üstə, ağa. Cahangirağa. Uzaqdan niyə danışırsan? Yavuğa gəl görüm. (Namaz yavuğa gəlir.) Gədələrin çörəkləri qurtarıb. Dəyirmana yarım çuval darı, yarım çuval arpa göndər, üyüdüb gətirsinlər. Yoxsa axşam uşaqlar ac qalarlar. Namaz. Baş üstə. Cahangirağa. Arvadına da tapşır, yağ çalxayandan sonra ayranını çürüdüb şor qayırsan a... Səhər uşaqlar çörəklərinə yavanlıq eləsinlər. Namaz. Baş üstə, ağa. Cahangirağa. Ova gedən uşaqlar bir şey vura biliblərmi? Namaz. Bəli, ağa, iki qırqovul, bir turac, bir dənə də dovşan vurublar. Cahangirağa. Xub, dovşanı ver özləri bişirib yesinlər. Turacı ver kabab eləyib axşam plovun yanına qoysunlar. Qırqovulları da bir adamnan pristava göndərərsən. Namaz. Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Qırqovulları da qayıdanda yasavuluna verərəm. Cahangirağa. Xocabəhmənlidə görəsən nə ittifaq olub? Qanzad düşməmiş ola. Olsaydı, biz bilərdik. Gərək ki, camaat zorla bəyin yerini əkib. Pristav da bəyin harayına gedib. Qayıdanda özündən soruşaram, nağıl elər. Camaat getdikcə xarablaşır. Gədə-güdəni dİndirmək də olmur. Namaz, bir buraya gəl. (Çəkir səhnənin qabağına.) Heç görürsən bu Həsən kişinin qızı Gülnisə nə maldır?! Dünyanın xəracına dəyər. Namaz. Nə çarə eləməli, ay ağa? Armudun yaxşısını meşədə ayı yeyər. Səfi oğlu İskəndər bu qıza bənddir. Həsən kişinin də yedəyini əldən qoymur. Həsən kişinin də deyəsən qızı ona verməyə könlü var. Odur, yenə ikisi bir yerdə gəlirlər. Həsən və İskəndər, əllərində şana, gəlib salam verib keçmək istəyirlər. Cahangirağa. A Həsən, axır deyəsən bu İskəndərlə çox dostsan? Həsən. Neyləyim, ay ağa? Oğulsuz gərək özünə oğul axtarsın. İskəndər də mənim oğlum olub. Cüt əkirəm, öküzlərin qabağınca gedir, xırman döyəndə, yenə kömək eləyir. Taxılı putqa qayırır, sovurur... Yaxşı oğlandı, ömrü uzun olsun. Cahangirağa. Deməli, İskəndəri özünə oğul eləmək istəyirsən? Çox mübarəkdir! Toyunu da özüm eləyəcəyəm. Həsən. Şəfaətin artıq olsun. Kölgən bizim üstümüzdən əskik olmasın. Eləsən də sağ ol, eləməsən də. Cahangirağa. Yox, yox!.. İskəndər yaxşı oğlandır, qulluqdar oğlandır. Həsən. Öz nökərindir. Mürəxxəs olaq qulluğundan. Cahangirağa. Xoş gəldiniz. (Həsən və İskəndər gedirlər. Namaza.) Heç insafdır ki, belə məlaikə kimi qızı əldən buraxım? Keçmiş zamanlar olsaydı, asandı, çəkib aparardım evə, heç kəsin də ağzını açıb danışmağa həddi olmazdı. İmdi zəmanə başqadır, zakon başqadır. Eləmək olmaz. Kəndlilərin gözəl qızları hamısı mənim babalarımın malları idi. Amma biz gendən baxıb ağzımızın suyunu uduruq. Namaz. Ağa, istəsən H ə s ə n kişinin qızı yenə sənin ola bilər, birçətin iş deyil. Cahangirağa. Necə ola bilər? Mən gedim rəiyyətimin nişanlısını əlindən alım? Bu yaramaz. Bir özgə yol da bilmirəm. Namaz. Ayrı yol, bir təhərlə İskəndəri aradan çıxartmaq. Sonra iş asandır. Cahangirağa. Onu mən də fikir eləyirəm. Ancaq necə eləməli ki, üstü açılmasın? NamazO mənim əlimdə. Cahangirağa. Yəqin? Namaz. Yəqin. Cahangirağa. Bəşərti, mənim adıma ləkə toxunmaya. Namaz. Dərə işi mənim əlimdə, divan işi sənin. Pristavla dostsan, silistçi ilə dostsan. Onlar səni heç kəsin ayağına verməzlər. Heç sənin adını da çəkən olmaz. Sən yayın get evə, işin axırını gözlə. Mən Namaz deyiləm, əgər Gülnisə sənin olmasa. Cahangirağa. Mən getdim, xələtin də gözümün üstündə. (Gedir.) Namaz (kənarda işləyən kəndlini çağırır). Sadıq! Sadıq! Sadıq. Nə deyirsən, Namaz əmi? Namaz. Gəl, dəyirmana bir az arpa ilə darı apar, üyüt gətir. Axşam yemək istəyəcəksiniz. Sadıq (yavuğa gəlir). Dəni dəyirmana nədə aparacağam? Namaz. Həmişə nədə aparıbsan, yenə onda. Öküzləri qoş arabaya, dəni at arabanın üstünə, sür apar... Bir yavuğa gəl, bir söz də deyəcəyəm sənə. Sadıq (gəlir onun yanına). Nə söz deyəcəksən? Namaz. H ə s ə nlə İskəndərin buradan keçdiklərini gördün? Sadıq. Gördüm. Namaz. Gördün necə mehriban gedirdilər? Həsən Gülnisəni ona vermək istəyir. Payız düşən kimi də toyunu eləyəcək. Sadıq. Elə iş ola bilməz, Namaz əmi! Mən dünyanı dağıdıram. Özümü öldürərəm ki, o qızı qoymaram başqa adam aparsın. Namaz. Sənin namuslu oğlan olduğunu bütün aləm bilir. Hamıya da məlumdur ki, budur, iki ildir sən Gülnisəni istəyirsən. Əgər mən səni oğlumdan artıq istəmirəmsə, Yezidə gələn lənət mənim canıma gəlsin. Doğrusu, bu işi mənim də namusum götürmür. Sadıq. Qızın anası mənim anama söz veribdir. İmdi necə qızı özgə adama verə bilərlər? Yoxsa mənim dəli cinimdən xəbərləri yoxdur? Namaz. Anası çox da söz verib. Həsən kişi arvadın ağzına baxacaq? İmdi gül kimi qızı götürüb verəcək İskəndər kimi itin birinə. O da papağını qiyğac qoyub sənin qabağında gəzəcək. Sən də ondan sonra adını kişi qoyub, tay-tuş arasında gəzəcəksən. Sadıq. Onda mən atamın oğlu olmaram, ona bir elə güllə vurmayam ki, toyuq kimi partlamasın! Namaz. Qız əldən çıxandan sonra İskəndərə otuz güllə vur, nə faydası? Bu saat Həsən özü ağaya dedi ki, İskəndəri oğulluğa götürmüşəm. Yəni ki, qızımı ona verəcəyəm. Doğrusu, mən yenə deyirəm, bu işləri mənim namusum götürmür. Nə deyim?! Sənin yerinə mən olaydım... Bu saat o kafir oğlu İskəndərin qabırğasına bir şax güllə çaxardım. İskəndər qızı alandan sonra gərək daha sən kəndin arasında görünməyib, başını alıb gedəsən. Sadıq. Nə olub qürbətə gedim? Heç getmərəm, bir də üstündən, elə bu saat onun atasını yandıraram. Namaz Bax, belə danış, qoçaq oğlum! İmdi görürəm sən Aslan kişinin aslan oğlusan. Əlindən gələni əsirgəmə. Cahangir ağa kimi kişinin nökərinə kimin ağzıdır güldən ağır söz deyə bilsin?! Qanı arada gedər. Gülnisə də olar sənin halal malın. Sadıq. Yəqin İskəndər bu saat Həsən kişinin qapısında ot tayalayır. Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Çıxıb oradan onu tuşlayıb elə vurram ki, ağzını bircə dəfə açıb yumar. Namaz. Onda daha dayanmaq yeri deyil. Sadıq. Namaz əmi, tüfəng haradadır? Namaz. Damda, divardan asılıdır. Özü də dolu. (Sadıq yüyürür. Namaz onun dalınca ucadan). Arpa da, darı da anbardadır. Hər birindən yarım çuval ölç, apar dəyirmana. Sadıq. Baş üstə. (Gedir.) Cahangir ağa pəncərədən baxıb, əhvalatın hamısını görür, Sadıq gedəndən sonra, çıxır eşiyə. Cahangirağa. Namaz, deyəsən şeytan işi tutdun. Namaz. Ağasına doğruluqla qulluq eləyən, şeytanın atasının da işini tutar. İndicə iş tamam olar. Nökər (yüyürərək gəlir). Pristav bu saat atdan düşdü, gəlir buraya. Cahangirağa. Gəlsin. Cahangir ağa qabağa gedir. Bağçada işləyənlər qalxırlar ayağa. Camaat pristavın gəldiyini görüb, ordan-buradan həyətə yığışırlar. Cahangirağa (pristava). Şahmar bəy, sübh buradan ötüb getdiyinizi eşitdim. Nə vaqe olmuşdu ki, yol üstündən dönüb bir-iki rumka konyak da içmədiniz? Şahmarbəy. Eybi yoxdur, əvəzini İmdi çıxaram. Yorulmuşam, istəyirəm bu gecə sizdə qonaq qalım. Cahangirağa. Bu, əvəzsiz iş oldu. Bəxtinizdən uşaqlar bu gün iki dənə qırqovul vurublar. Axşam plovun başına qoyarıq. Şahmarbəy. Cahangir ağa, mən gəlməsəydim, yəqin qırqovulları tək yeyəcəkdiniz, belə dostluq olmaz. Cahangirağa. Sizin canınız üçün, ikisini də sizə göndərəcəkdim. Namaza da tapşırmışdım. Namaz xəbər gətirdi ki, sübh gəlib buradan ötübsünüz və sifariş də eləyibsiniz ki, qayıdan baş buraya dönəcəksiniz. O səbəbə saxladım ki, özünüzlə aparasınız. İmdi ki burada qalmalı oldunuz, daha yaxşı, qırqovulları şərakətli yeyərik. (Çağırır.) Namaz! Namaz. Bəli ağa! Cahangirağa. Deginən Şahmar bəyin yasovullarına bir doğlu versinlər, özləri kəsib nə kefləri istəsə bişirsinlər. Namaz. Baş üstə. (Gedir.) Cahangirağa (nökərə). Ay gədə, get içəridən iki dənə kürsü gətir. (Nökər gedir.) Şahmar bəy, Xocabəhmənliyə getməkdə xeyir idimi? Şahmarbəy. Əjdər bəy kağız yazmışdı ki, camaat mədaxil vermək istəmir, əlbət özünü mənə yetirəsən. Onun üçün getmişdim. Cahangirağa. Bu nə əhvalatdır? Şahmar bəy. Boş işdir. Bu əyyamın cavanlarına Allah insaf versin. Həm hökuməti rahat qoymurlar, həm də öz evlərini yıxırlar. Bir nəfər cavan oğlan Moskvadanmı, haradanmı gəlib, camaata deyir ki, nə haqla bəy gedib evində ayaqlarını uzadıb yatır, siz də işləyib yığdığınızı aparıb ona verirsiniz? (Nökər iki ədəd kürsü gətirib qoyur. Cahangir ağa, pristav əyləşir.) Deyir, bəyin nəyi sizdən artıqdır, canı çıxsın, bəy də gəlsin sizin kimi işləsin. Camaat da onun sözünə inanıb, bəyin darğasını döyüb qovublar. Kəndə gedib haman oğlanı çağırıb ona dedim: “Oğlum, sən zəhmət çəkib oxuyursan ki, axırda bir çörək yiyəsi, ya rütbə yiyəsi olasan. İmdi mən səni tutub hökumətə versəm, bilirsənmi sənə nə elər?”. Birdən başını qalxızıb görün mənə nə deyir: “Mən elədiyimi çox yaxşı anlayaram. Hökumət əlinə də keçsəm, bilirəm mənə nə eləyəcəklər. Təvəqqe edirəm bu nəsihətləri öz qulluğunuzda saxlayasınız və nə qədər də mən ac qalsam, sizin qapınıza gəlməyəcəyəm”. Cahangirağa. Axmaq oğlu axmağın bihəyalığını görürsən? Şahmarbəy. Mən ömrümdə belə bihəya görməmişəm. Doğrusu, bir istədim buraxım çıxsın getsin, dedim, uşaqdır, anlamır. Ancaq daha belə danışmaqdan sonra, labüd qalıb, qollarını bağlayıb, göndərdim şəhərə naçalnikin ixtiyarına. Yolda deyirmiş ki: “Az keçməz, pristavın da qolunu ha belə bağlarlar”. Cahangirağa. Yox, zəmanə tamam dönüb. Şahmarbəy. Onu şəhərə göndərəndən sonra, kəndin neçə nəfər ağsaqqallarından qarın-qarına sarıtlayıb, ağılları başlarına gəlincə döydürdüm. Söz verdilər ki, ağanın mədaxili üç gün ərzində çatar. Güllə açılır pristav diksinir. Cahangirağa. Namaz, o nə tüfəng səsidir? Gör tüfəng atan kimdir? Zalım uşaqlarına min dəfə tapşırmışam ki, kənd içində tüfəng atmasınlar. Gedib adama, ya heyvana dəyər, peşmançılığı olar. Namaz gedir. Yasavul. Tüfəng ağalıq damın üstündən atıldı. Şahmarbəy (yasavula). Uşaqlara xəbər ver, evi əhatə eləsinlər. Güllə atan məlunu da hər kəs isə, gətirsinlər buraya. (Yasavul gedir. Namaz qayıdır.) Cahangirağa. Namaz, atılan güllə idi? Namaz. Deyəsən, güllə H ə s ə n kişinin qapısında bir adama dəyib. Oradan qışqırıq səsi gəlir. Arvad-uşaq da hər yerdən oraya yüyürüşür. Gülnisə (birdən qışqırır). Oy!.. Onu vurdular! Aman, aman! (Yıxılır. Balaqız onu saxlayır.) Balaqız. Qışqırma, ay qız, ayıbdır, ağa baxır. Kim bilir, ölən kimdir. Bəlkə heç adama dəyməyibdir. Gülnisə. Yox! Yox!.. Onu vurdular. Qolun qırılsın, qanlı! Qana batasan, qanlı! Oy, oy!.. (Ağlaya-ağlaya yüyürür, Balaqız da dalınca.) Yasavul (Sadığı gətirir.) Ağa, damdan güllə atan bu idi. Şahmarbəy. Qoçaq, damdan gülləni haraya atırdın? Sadıq. Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Şahmarbəy. İmdi vurduğun qarğanı görərik. Həsən (ağlaya-ağlaya daxil olur). Ay pristav ağa! Ay Cahangir ağa! Mənim evim yıxıldı, qolumun qüvvətini, köməyimi əlimdən aldılar. Cavan, lay divar tək oğlanı vurub yıxdılar yerə. Əgər ədalət varsa, gərək zalımı cəzasına çatdırasan! Şahmarbəy. Vurulan kİmdir? Həsən. Başına dönüm, vurulan Səfi oğlu İskəndər, öldürən də bu zalım oğlu. (Sadığı göstərir.) Sadıq. Ay ağa, başın üçün mən qarğaya güllə atmışam. Mənim xəbərim yoxdur. Bəlkə güllə qəflətən dəyib. (Namaza) Namaz əmi, məni pristav ağadan zamına götür, mən heç yana qaçan deyiləm. Əgər sonra mənə bir günah sübut olsa, məni boğazımdan çəksinlər. Cahangir ağa, sən də pristav ağadan təvəqqe elə, məni zamına versin. Namaz. Heç kəs səni zamına götürməz. Məlun, Allahın lənəti sənin canına gəlsin! Mən səni dəyirmana dən üyütməyə göndərdim, yoxsa, dedim get, adam vur, öldür? Canın çıxsın, cəzanı çək! Cahangirağa. Şahmar bəy, təvəqqe edirəm, bu haramzadəyə necə lazımdır tənbeh olsun. Haramzadə, mənim evimdə əziz qonaq, sən çıxıb mənim başımın üstündən güllə atıb, adam öldürəsən? Şahmarbəy. Tənbeh, qanuna görə olacaq. (Yasavullara) Yüzbaşını buraya çağırın! Yüzbaşı: Buradayam, ağa. (Yeriyir qabağa.) Şahmarbəy (yüzbaşıya). Bunu apar Dustaq elə. (Yasavula) Sən də cəld get atını hazırla, kağız verəcəyəm, çaparaq aparıb verərsən silistçiyə, həkimlə bir yerdə sabah burada olsunlar. (Yüzbaşıya) Yüzbaşı, sən də əmr elə silistçi və həkim gəlincə meyiti dəfn eləməsinlər. (Cahangir ağaya) Cahangir ağa, buyurun kağız qələm versinlər. Cahangirağa. Buyurun, içəridə yazın. Pristav gedir. Yüzbaşı (Sadığa). Düş qabağıma, silistçi gəlincə səni mən yaxşı danışdıracağam. Sadıq. Ay ağa, ay Namaz əmi, məni zamına götürün. Mən silistçi gəlincə heç yana qaçmaram. Cahangirağa (yüzbaşıya). Yüzbaşı, pristavın əmrinə əməl elə. (Sadığa) Haramzadə, güllə atmağa başına yer qəhət idi? Gərək məni pristavın yanında xəcil eləyəydin, haramzadə! Yüzbaşı (Sadığı itələyir). Düş qabağıma! (Aparır, camaat da dalınca gedir.) Həsən (ağlayır). Ay insafsız oğlu, o yazıq sənə nə eləmişdi, onu qanına bələdin? Camaatdənbiri. Gərək bunu boğazından asalar ki, xalqa da göz olsun. Başqaları. Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ay sənin qolun yanına düşsün. Gedirlər. Cahangirağa. Bəd olmadı, Namaz, qoçaq adammışsan. Namaz. İmdi bunun dalından dəyib, əlli-ayaqlı itirmək lazımdır. Cahangirağa. O mənim əlimdə. (Gedir, Namaz da dalınca.) Pərdə * * * İkinci pərdə Həsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çətən çəkilib, divarlardan torbalar asılıb. Bir küncdə iki-üç dəst yorğan-döşək yığılmış. Həsən kişinin arvadı Tubu əyləşib cəhrə əyirir, qızı Gülnisə tikiş işinə məşğuldur. Tubu. Ay qız, atanla bir yerdə şəhərə gedənlər hamısı qayıtdılar, İmdicə atan da gələcək. Qalx ayağa, ocağın üstünə bir qazan qoy. Bir az düyü arıtla, atana bir dövrə sütlü yayma bişir. Gülnisə. Bu saat duraram, ana. Tikişimin bir azca yeri qalıb, onu da qurtarım. Tubu. Bilmirəm bu bir arxalıq nə olubdur ki, budur beş gündür onu tikib qurtara bilmirsən. Mən evə girəndə tikişi alırsan əlinə, mən çıxanda dəm verirsən gözlərinə. Axır, ay bala, nə vaxtacan sən ağlayacaqsan? İmdiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. İskəndər sənin ərin deyildi, nişanlın deyildi. Öldürüblər, yəqin öldürənə də bir cəza verərlər. Daha sən niyə gözlərini kor eləyirsən? Gülnisə (qalxıb orta ocağı düzəldir). Ana, mən ona ağlamıram. Məni yandıran odur ki, onu Sadıq mənim üstümdə öldürdü. Atam vaxtında məni Sadığa versəydi, İmdi o bədbəxt sağ idi. Tubu. Onda da İskəndər vurub Sadığı öldürəcəkdi. Yenə elə sənin üstündə bir qan olacaqdı. Nahaq yerə, qızım, ölən ölüb, sən də öz canını puç eləmə. Nə çoxdur kəndimizdə yeniyetmə cavanlar. Onlardan da yaxşısına gedərsən. Bu ölüm də yadından çıxar. Özün də xoşbəxt olarsan. Gülnisə. Ana, məni daha öldürsələr də heç kəsə getməyəcəyəm. Bir də, atam gələndə deginən məni aparsın Qızıləhmədliyə, xalamgilə. Tubu. Çox yaxşı olar. İmdi atan gələndə deyərəm. Bir neçə gün orada qalarsan, qəmin-qüssən dağılar. Gülnisə. Doğrusu, ana, daha mən oradan buraya qayıtmayacağam. Mən buradan qorxuram. Tubu. Nədən qorxursan, qızım? Gülnisə. Özüm də bilmirəm nədən qorxuram. İskəndər ölən gündən gecələr rahat yata bilmirəm. Ürəyimə min cür qara-qara fikirlər gəlir. Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar. Axır ki, mənim başımın bir bəlası var. Tubu Bunlar hamısı İskəndərin fikridir. Bacar, yadından çıxart. Ondan sonra pis yuxu görməzsən. Gülnisə. Ondan deyil, ana, ürəyimə özgə fikirlər gəlir. Amma demək istəmirəm. Tubu. A qızım, bəs sən dərdini anana deməyib kimə deyəcəksən? Gülnisə. Ana, düyü torbası haradadır? Tubu. Orada, çətənin dalında göydən asılıb. (Gülnisə gedib düyünü gətirir). Di bircə de görüm dərdin nədir? Gülnisə. Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? (Düyü arıdır.) Tubu. Yarı süd elə, yarı su. Di tez ol dərdini söylə. Həsən (yorulmuş daxil olur). Bir belə əzab olar ki, bu ölmüş yabı mənə verdi. Budur, tamam bir ildir, deyirəm aparım bu çər dəymişi satım, məni qoymursan. Şallaq vurmaqdan qollarım, təkan vurmaqdan ayaqlarım az qalıb düşə. Zalım oğlunun satdığı, deyir, canın da çıxsa yerişimə bircə tikə haram qatmayacağam. Tubu. Yabı, yenə hər nədir, ayaqlarını yerdən götürür. Satanda ona nə pul verəcəklər ki, bir yaxşı at ala biləsən? Həsən. Yoldaşlar nə vaxtdır gəlib, evlərindədirlər, amma mən İmdi gəlib çıxıram. Hamıdan dalda qalmışam. Yolda Namaz deyir: “A Həsən kişi, özünə niyə bir əməlli at almırsan?”. Dedim: “A səni pir olasan, əməlli ata əməlli də pul istəyirlər. Haradan alım?”. Deyir: “Sən bunu sat, başdan elə, Cahangir ağaya mən deyərəm kəhər yabını sənə bağışlasın, quş kimi uçan bir atdır”. Deyirəm: “Yaxşı, Cahangir ağa mənə nə üçün at bağışlasın?”. Deyir: “Ağanın sənə çox iltifatı var”. (Bu yerdə Gülnisə düyü boşqabını əlindən salıb hönkürtü ilə ağlayır.) Ay qız, sənə nə oldu, niyə belə ağladın? Gülnisə. Heç, ata, elə sənə ürəyim yandı. Axır sən niyə elə olasan ki, özgələrin rəhmi gəlib, at bağışlayalar. Həsən. Ağlama, qızım, ağanın məgər rəiyyətinə şəfaəti olmaz? Gülnisə. Istəmirəm, bağışlamasın, lazım deyil. (Hönkürərək evdən çıxır.) Həsən. Bilmirəm bu yazıq qıza nə olub, dİndirirsən gözlərindən yaş tökülür. Tubu. İskəndər vurulandan bəri, elə günü budur. Nə qədər nəsihət eləyirəm, olmur. İmdi deyir atam məni xalam evinə aparsın. Sabahda-zadda onu apar qoy xalasının yanında, bir-iki ay orada qalsın, bəlkə fikri dağıla. Həsən. At məni çox incidib. Bir-iki gün dincimi alım, götürüb apararam, yaxşı olar. Gülnisə daxil olub, qazanı gətirir. Tubu. Ay qız, qazanı haraya aparırsan? Gülnisə. Aparıb qapıda bişirəcəyəm. Burada ocaq tüstü elər, bəlkə atam yatacaq. (Çıxır.) Tubu. Yazıq qız saralıb, zəfərana dönüb. Həsən. Qara torpağın üzü soyuq olar. Ağlayıb, ağlayıb, axırda sakit olub, oturacaq yerində. Tubu. Bircə de görüm, Sadığın işi hancarı oldu? Həsən. Ay kişi, cümlə dünyanı axtarsan Cahangir ağa kimi ağa bir də özüdür. Şahidləri necə var doydurmuşdu. Namazın sözü ilə şahidlərə beş yüz manatacan pul paylayıbdır və tapşırıbdır ki, bacardıqca o kafir oğlunun peyini vursunlar. Şahidlər də, qoçaqlarım, necə ki lazımdır danışdılar. Gör kafir oğlu sudlara nə deyir? Deyir: “Mənim İsgəndərlə bir ədavətim yox idi, məni yoldan çıxardıb, onu öldürən Cahangir ağanın darğası Namaz oldu”. Guya Namazın İskəndərlə bir karası var idi. Axmaq oğlu axmaq, danışmağa söz də tapmadı. Axırda yeddi il Sibir kəsdilər. Tubu Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi? Gülnisə daxil olub, düyü gətirir və danışığı eşidib, dayanır. Həsən. Xülasə, Cahangir ağa olmasaydı, şahidlərin çoxu sözlərini dəyişdirəcəkdilər. Ağa deyir: “Mənim İskəndər kimi qoçaq rəiyyətimi öldürəni gözümün qabağında tikə-tikə doğrayalar, uf da demərəm”. Sağ olsun Cahangir ağa, əsl ağadır. Çöldən Namazın səsi gəlir. Namaz. Ay H ə s ə n, ay H ə s ə n! Həsən (qalxır). Bu, Namazın səsidir. (Cavab verir.) Bəli! Bəli! Namaz (çöldən). Bir çıx, bu itlərin qabağında dur. Gülnisə. Ata, o buraya niyə gəlir? Həsən. Nə bilim, ay bala, əlbət bir işi var ki, gəlir. Gələndə nə olar? Gülnisə. Yox, gəlməsin, gəlməsin! O buraya gəlsə, mən özümü boğub öldürəcəyəm. Həsən. Axmaq qızı axmaq. Başına hava gəlməyib? Özünü niyə boğursan? Namaz buraya gələndə qiyamət qopmaz ki? Mən durub ağanın darğasını evimdən qovacağam? (Qapıya tərəf gedir.) Gülnisə (onun ətəyindən yapışır). Ata, Qurbanın olum, o kişini evinə qoyma. Mən ondan qorxuram. Həsən. Axmağın biri, əl çək görüm a!.. Gülnisə ağlayaraq o biri qapıdan gedir. Tubu. Bu qız başını götürüb haraya getdi? Dəli oldu, nədir? (Durub dalınca çıxır.) Həsən (çöldən). Buyur içəri, buyur! Namaz (daxil olur, dalınca Həsən). Bəs bu evin adamları haradadırlar? Həsən. Yəqin bayırdadırlar. Gəl otur görək. Bizi belə yada salmaqda xeyirdirmi? Namaz. Nəhlət şərrə! Xeyir olmamış nə var? Elə bir əhvalat var idi, onu sənə söyləməyə gəldim... (Çubuğunu çıxardıb doldurur.) Hələ qabaqca bir de görüm, nənəsi ölmüş Cahangir ağanı necə gördün? Nərdi, nər!.. Həsən. Doğrusu, mən onu belə bilmirdim. Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. Namaz. Zarafat deyil, ona Pərviz xanın nəvəsi deyərlər. Pərviz xanın adı İmdi də dillərdə danışılır. Necə ola bilər ki, onun rəiyyətini gözünün qabağında öldürsünlər, o da tamaşa eləsin? Yox, Cahangir ağa özgə kişidi. Sən bir o axmaq oğlu Sadığa bax, deyir: “Məni öyrədən ağanın darğası Namaz oldu”. Yaxşı, İskəndər Namaza nə eləmişdi? Namazın atasını öldürmüşdü? Namazın çörəyini əlindən alırdı, Namaz onu öldürtsün? Namaz ki, bir adamın toyuğuna daş atmayıb. Həsən. Bir az bundan qabaq elə mən də həmin sözü arvada deyirdim. Səni kim tanımır? Axmaq sözlərdi, ağzına gəlib danışırdı, elə bilirdi onunla canını qurtaracaq. Namaz. Hamı bilir ki, o sənin qızına nə qədər elçi göndərib. Axır baxıb gördü ki, sənin könlün İskəndərdədir, vurdu yazığı öldürdü. Həsən. Həqiqət, ədalət divan oldu. Yeddi il Sibir ona azdır, gərək onu boğazından çəkəydilər. Namaz. Cahangir ağaya deyirəm: ağa, doğrudan, böyük iş gördün. Deyir: “Bəs insafdır ki, oğulsuz, yiyəsiz Həsənin əlindən onun axır ümidini alıb, yazıq kişini əli qoynunda qoysunlar?”. Deyir: “Gərək mən əlimdən gələn yaxşılığı Həsənə eləyim, ta İskəndərin ölümü onun yadından çıxınca”. Mən dedim: ay ağa, Həsən kişinin yabısı heç zada yaramır, İndi ki, ona şəfaətin var, elə kəhər yabını ona bağışla. Buyurdu: “Yox, al bu üç yüz manatı, apar ver Həsənə, deginən özünə yaxşı at alsın. Artığına da bir muzdur tutub, işini gördürsün”. (Pulu verir.) Həsən (pulu alır). Şəfaəti artıq olsun, ömrü uzun olsun. Allah onun kölgəsini bizim üstümüzdən götürməsin. Namaz. Cahangir ağa bir söz də buyurur. Həsən. Bəli? Namaz. Buyurur ki, bu camaatın acığına gərək Həsəni öz döşümə çəkəm. Gərək onu elə bir adam eləyəm ki, baxanın paxıllığı tutsun. Həsən. Ağa mənə bir yerdən üç yüz manat pul göndərib. Daha bundan artıq nə iltifat ola bilər? Namaz. Xeyr, bu nədir ki? Belə xələtlərdən çox alacaqsan. Ağa buyurur ki, İmdi, ki İskəndəri özünə oğul eləyə bilmədi, camaatın gözünün qabağında özüm ona oğul olacağam. Həsən. Nə dedi? Anlamadım. Yəni necə oğul olacağam? Namaz. Daha niyə anlamırsan? Cahangir ağa məni sənin qızına elçi göndərib. Həsən. Namaz! Bu danışığı sən elə burada qoy qalsın. Mən hara, Cahangir ağa hara? Rəiyyətlə də ağanın qohumluğu tutarmı? Qızımı aparıb beş gün, on gün saxlayıb, axırda bir murdar əski kimi gətirib üstümə atacaq. Namaz. Nə danışırsan, a kişi, ağlını bir başına yığ. Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? O səninlə niyə elə rəftar eləsin? O, Allahın əmri ilə sənin qızını istəyir. Məni də öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. Sən də öz qızıyın vəkili. Dur bu saata gedək axundun yanına, kəbinini kəsdirək, qurtarsın getsin. Həsən. Dayan, ağlım başıma gəlsin, sonra. Namaz. Ağlına nə oldu ki? Ağanın ancaq sənə yazığı gəlir. Deyir: “Ürəyin sınıqdır, düşmənin acığına, Həsənin qızını xanım, özünü qayınata eləyəcəyəm”. Budur, İmdi üç yüz manat göndəribdir, dalınca bir neçə sağmal inək verər, qapında saxlarsan. Ucu-bucağı tükənməz meşəsindən ağac-uğac verər, özünə bir yaxşı otaq tikdirərsən. Özünə və arvadına paltar alar. Bir beş adamın içində də təşəxxüslə özünü çəkib deyərsən ki, mən Cahangir ağanın qayınatasıyam. Pristav, görəcəksən, sənə əl verir. Bir hampa kişi olacaqsan. Yoxsa, deyirsən, qoy ağlım başıma gəlsin. Sənin ağlın başına gəlincə, görərsən ağanı da yerindən oynatdılar. Odur, Ehsan xan ayda bir ağanı evinə qonaq çağırır, neçə günlərlə yanında saxlayır. Mən də həmişə ağanın yanınca gedirəm. Gözüm də kor deyil, açıq görürəm ki, Ehsan xan istəyir Darab ağadan qızını boşadıb, bizim Cahangir ağaya versin. Ağa da deyir: “Mən dul arvad alan deyiləm”. Bir də görərsən Ehsan utandırdı, razı elədi və ya arvada cadudan-filandan düzəltdi. Fürsəti əlindən vermə, dur gedək mollanın yanına. Həsən (bir qədər fikirdən sonra). Yəni sən zamın olursan ki, mənim qızım həmişəlik Cahangir ağanın evində arvad olacaq? Namaz. Səhərdən bəri Quran oxuyuram, bu yenə öz dediyində durub. Həsən. Yaxşı, sən get, mən də dalınca gələrəm. Deyirəm, qızın anasına da bir gənəşim. Namaz. Daha nə gənəşmək? Arvadlıq burada nə iş var? Həsən. Arvadlıq bir iş yoxdursa da, yenə elə yaxşı olar. Xülasə, sən get məni mollanın evində gözlə. Namaz. Yaxşı, sən deyən olsun. Mən gedim, ancaq ləngimə, tez gəl. Həsən. Ləngimərəm. Bu saat gəlirəm. Namaz gedir. Tubu (daxil olur). Namaz getdi? O heç bizi bəyənib buralara gəlməz. İmdi nə olmuşdu? Həsən. Gəl bir yanını qoy, gör nə deyirəm. Tubu (oturur). De görüm nə var? Həsən. Şəhərdən biz yola düşəndə, bayaq sənə dedim ki, Namaz söz verdi ki, Cahangir ağaya desin, mənə bir yabı bağışlasın. İmdi budur, ağa Namaznan üç yüz manat pul göndərib ki, getsin özünə bir at alsın. Tubu. A kişi, bu pullardan ağa irəlilərdə niyə göndərmirdi? Yadındadırmı, darın yanırdı, getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi. Dedi: “Gərək darıyın dörddə birini mənə verəsən”. Sən vermədin, darı da yandı. İmdi üç yüz manat birdən göndərir. Burada yəqin bir kələk var. Həsən. Kələk-mələk yoxdur. Ağa deyir ki, Həsənin əli İskəndərdən çıxıb, İmdi mən özüm ona, camaatın acığına, oğul olacağam. Tubu. Bir belə mıs-mıs eləyincə, bir yolluq deginən Mustafa. Deginən Namaz qızıma elçi gəlmişdi. Dur bu saat o üç yüz manatı at ağanın üstünə, soxsun gözlərinə! Bizə onun pulu lazım deyil. Mən üç yüz manata gül kimi qızımı satmaram. Həsən. Arvad, dəli-dəli nə söyləyirsən? Səndən pulnan qız alan kimdir? Kişi Allahın əmri ilə məndən qız istəyir. Namazı da öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. İmdi Namaz məni mollanın evində gözləyir. Tubu. Kişi, deyəsən, sənə qarğa beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayın, tuşundur, ona qız verirsən? Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi? Həsən. Axmaq-axmaq nə danışırsan, ay arvad? Tubu. Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Axmaq sənsən ki, bir az pul görmüsən, ağzıyın suyu axır. De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Sən boyunduruğu öküzlərin boynuna qoyanda, ağa da gəlib onun samı bağısını bağlayacaqdırmı? Həsən. Ay axmaq qızı axmaq! Çürük-çürük nə danışırsan? Kişi məni gözləyir. Sən də burada vələzzalin oxuyursan. Bunlar məgər ağa işidirmi? Ağanın cibi pulnan doludur. Əsginazdan verib fəhlə tutub işlədər. Özü niyə çargova minsin, ya xırman döysün? Tubu. Bizə özü işləyən lazımdır. Mən gedib günortayacan boynumu büküb ağanın qapısında işimdən avara ola bilmərəm ki, görüm ha vaxt ağa yuxudan oyanıb, mənim əlimə pul uzadacaq, mən də gedib muzdur tutacağam. Yox, ağa mənim tayım, yoldaşım deyil. Mən razı deyiləm. Həsən. Mən səni xəbərdar eləmək istədim. Sənin razılığını soruşan kimdir? Mən öz xeyrimi hamıdan yaxşı görürəm. Razı olmursan, heç olma! Tubu. Gedirsən get. Can sənin, cəhənnəm Tanrının. Sonra vaysınanda səninlən danışaram. Gülnisə (yüyürək daxil olub, atasının ətəyindən yapışır). Ata, ayaqlarının altunda ölüm, otur evdə, getmə! Həsən. Ay qız, sən nə deyirsən? Mən hara gedirəm ki? Gülnisə. Hamısını eşitmişəm, Qurbanın olum, dədə, getmə! Ya gedirsən, qabaqca mənim başımı kəs, ondan sonra hara gedəcəksən, get! Həsən. Axmağın qızı, çəkil o yana, qoy işimi görüm. Doğru deyiblər: “Rəhmət qapısı açıq olanda köpəyin yuxusu gələr”. Çəkil o yana! (İtələyib çıxır.) Gülnisə (yıxılır qalır, qeyri-təbii qışqırtı ilə). Ana, Qurbanın olum, onu qoyma getsin! Ana, sənə yesir olum, qoyma! Tubu. Anayın başına daş düşsün, öhdəsindən gələ bilirəmmi? Gülnisə. Ana, sən qardaşımın əziz goru, qoyma gedə! (Hönkürtü ilə yıxılır yerə.) Pərdə * * * Üçünücü pərdə Səhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası. Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə əyləşib söhbət edir. Otaqda Namaz və Həsən. Namaz. Həsən! Axır sən mənimlə düz dolanmırsan. Qorxuram axırda aramızda bir dava düşə. Həsən. Necə? Namaz. Daha burada bir “necə” yeri yoxdur. Sən deyəndə bir qotur kəndlinin biri idin. Mən səni gətirib bu mərtəbəyə çıxartmışam. Cahangir ağa ilə bir süfrədə oturub xörək yeyirsən. İmdi sənin mənə badalaq qurmağının heç adı yoxdu. Mənim adım darğadır. Səndən qabaq ağanın sağ əli mən idim. Sən bu qapıya ayaq qoyandan bəri, mən bilmirəm mənim işimin adı nədir? Sən gəl mənimlə düz yola get. Yoxsa doğrudan dalaşarıq. Mənə də Namaz deyərlər. Özün yaxşı bilirsən ki, mən istədiyimi tikərəm və tikdiyimi də bir göz yumub açınca uçurdaram. Həsən. Namaz, sən nahaq yerə məndən inciyirsən. Sən öz işindəsən, mən öz işimdə. Mənim qabağıma bir ətək qızıl tökələr, mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Mən ağanın qayınatası olub, üstümə darğa adı qoyum? Bu heç mənə layiq deyil. Deyirsən, sən məni çörəyə yetiribsən? Mənim qızım olmasaydı, görüm məni necə çörəyə yetirərdin? Mən qızımın səbəbinə bu çörəyə çatmışam. Mənə minnət qoymağın nahaqdır. Get, atam, öz işində ol, mən səni dİndirib söylətmirəm. Namaz. Yaxşı danışmırsan. İmdiyədək ağa ilə işi olanların hamısı mənim yanıma gəlirdilər. İmdi isə heç məndən soruşan yoxdur ki, ayın neçəsidir. Yerindən qalxan birbaş sənin üstünə gəlir. Həsən. Canları çıxsın, yüyürməsinlər. Mən heç kəsə nə elçi göndərirəm, nə də qənd başı. Namaz. Yox, Həsən, doğrusu, belə getsə, aramıza inciklik düşəcəkdir. Bundan da ziyan çəkən sən olacaqsan. Həsən. Mənə nə eləyəcəksən? Əlindən nə gələcək? Bu qapıda azdan, çoxdan çörək yeyirsən. Çox danışarsan, onu da əlindən alarlar. Dinməz otur yerində, mənə də sataşma! Namaz. Belə? Həsən. Bəli, belə! Namaz. Onda görək! (Sol qapıdan gedir.) Həsən. Görək! (Gedib yola çıxan qapını açıb, pillə üstündə oturanların birini çağırır.) Həzrətqulu, buraya gəl! (Həzrətqulu içəri daxil olur.) Səni bura mən çağırtmışam. Budur, neçə gündür ki, sənin heyvanların ağalıq yataqda otlayır, onun iznini sən kimdən alıbsan? Həzrətqulu. Mənim heyvanlarım hər il payızda ağalıq yataqda otlar. İznini də darğa Namazdan alaram. Həsən. Namaz nə adamdır, izin versin, ya verməsin? Bu saat heyvanlarını yataqdan çıxardarsan. Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam. Ziyanlığın hamısını sənin gönündən soyacağam. Həzrətqulu. Həsən əmi, bu danışıq nəyə lazımdır? Mən müftə mal otarmıram. Cığcığa əsginazlar sayıb yataq almışam, heyvanlarımı niyə çıxardım, ziyanlıq niyə verim? Həsən. Sən qabaqca bir ağzıyın danışığın bil. Mən hər adamın əmisi deyiləm ki, mənə Həsən əmi deyəsən. İkincisi, cığcığa əsginaz saymayıb, sarı qızıl saymış olasan, yenə sənin gönünü soyacağam. Yataq lazımdır, mənim yanıma gəl! Sözün var, mənə de! Namaz kimdir, nə adamdır? Bu saat gedib heyvanlarını yataqdan çıxaracaqsan. Yoxsa gəlib orada nə heyvan görsəm, hamısını güllələyib qıracağam! Həzrətqulu. Axır mən pul verib aldığım yataqdan mənin heyvanlarımı sən nə haqla çıxaracaqsan? Həsən. Sən çox qələt eləyib pul veribsən. Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. İmdi gəlib sənin heyvanlarını yataqdan çıxardanda görərsən! Yekə-yekə danışmağına bax! Di get! Həzrətqulu. Axır, Həsən əmi... Həsən. Axır-maxır yoxdur. Get deyirəm, get! (İtələyib çıxardır.) Həzrətqulu (çıxıb, qapıdakı kəndlilərə). A başınıza dönüm, bu nə bəla olub bizim canımıza! İki yüz manat pul sayıb yataq icarəyə götürmüşəm. İmdi deyir, ya get heyvanlarını oradan çıxart, ya gəlib hamısını güllə ilə qıracağam. Kəndli. Ondan nə desən çıxar. Onun kəsdiyi başın sorğu-sualı yoxdur. Varın isə beş, on, iyirmi manat apar, bas ovcuna, ağzı yumulsun. Onun qarnının ağrısı elə odur. Həsən otaqda gəzinir və hərdən qapıya gedib kəndlilərin danışığına qulaq verir. Həzrətqulu. Axır, pulum yoxdur, iyirmi manat haradan alım. Bir də, Həsə nin qırımı yaman qırımdır, pula-zada yaxın düşən canavara oxşamır. Kəndli. Sən mən deyənə qulaq as. Həzrətqulu. Kişi, deyirəm pulum yoxdur. Kəndli. Mən verərəm. (Pul verir.) Al, apar ver! Həzrətqulu. Yox, qardaş, mən bir də onunla üz-üzə gəlməyəcəyəm. Elə mənim əvəzimdən sən apar ver. Kəndli. Çox yaxşı. (Kəndli içəri girir.) Həsən əmi, Həzrətqulu bir yaxşı qulluqdar oğlandır. Sən onun könlünə nahaq dəyirsən. Bilməyib, başa düşməyib. Həmişə yatağı Namazdan icarəyə götürüb, yenə onun yanına gedib. Qələt eləyib, bir də bundan sonra Namazın həndəvərinə dolanmaz. Bu iyirmi manatı da al tənbəkiyə ver, onun taqsırından keç. Həsən. Sənin atan Məstalı kişi bir yaxşı adamdı. Sən də elə ona oxşayıbsan. Hər adamın yerini bilirsən, ədəb-ərkanla da danışırsan. Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, cığcığa əsginaz vermişəm. Cığcığa adamın bəbəklərinə dürtərlər. Kəndli. Daha bir qələtdir, eləyib, cahıldır, anlamayıb. (Pulu verir.) Həsən (pulu alır). Bu səfər onu sənə bağışladım. Deginən gələcəkdə bir belə qələtləri eləməsin. (Orta qapıdan gedir.) Kəndli (dalınca). Çox sağ ol, Həsən əmi, böyük inayət elədin. (Çıxır, Həzrətquluya) Pulları alıb ötürdü içəri. Di get işində ol. Həzrətqulu. Axır, ay qardaş, nə vaxtacan bu Həsən kişi xalqın başına büyələkçi olacaq? Qızını ağaya verib, deyin, gərək xalqın başına minsin? Kəndli. Belədir də! Nə eləməli? Həzrətqulu. Tamam camaat onun əlindən cana doyub, Namaza min rəhmət! Mən bunu belə qoymayacağam. Aləmi bir-birinə qarışdıracağam. Qoy xalq hamı yığılıb gəlsin ağanın yanına, Həsənin qovulmağını istəsin. Ağa camaatı bir yerdə görüb söz deyə bilməyəcək. Qəbul eləməz, biz də papağımızı tərsinə çevirərik. Beş yüz ev camaatı qırdırmayacaqdır ki. Kəndlilər gedirlər. Orta qapıdan Həsən çıxır. Dalınca arvadı Tubu. Tubu. Hara gedirsən? Bir dayan görüm. Həsən. Hara gedirəm, mən billəm. Nə istəyirsən məndən? Tubu. Əməzək! Allah səni döysün. Sənin kimi kişilər görüm qara torpaq altında yatsın. Gör necə Allahdöymüşsən ki, bu dörd ildi Namaz kimi bir azğın gədənin də öhdəsindən gələ bilmirsən! Həsən. Nə eləyim, ay arvad? Namaz ata-babadan bu qapıdadır. Mən dünən gəlmişəm. Onu necə qovdurum? Neçə dəfə ağaya demişəm, qulaq asmır. Gah da görürsən qulaqardına verir. Tubu. İndi ki, sən onu qovdura bilmirsən, mən arvadlığımla onu qovdurum, sən də tamaşa elə. Mən gecəyazanı ağanın canına salışdırım, ondan sonra gör qovar, ya yox? Həsən. Nə danışırsan, arvad “gecəyazan” nədir? Tubu. Gecəyazan – hər kişinin arvadı. Mən imdi Gülnisəni öyrədərəm, o onu yaxşı qovdurar. (Gedib sol qapıdan çağırır.) A qız, Gülnisə, buraya gəl! Gülnisə (gəlir). Nə deyirsən, ana? Tubu Ay qız, sımsırığını niyə sallayıbsan? Nə vaxtacan qaşqabağın yerlən gedəcək? Nə vaxt bir sənin üzün güləcək? Gülnisə. Xoş gün görənin üzü gülər. Axır mənim taqsırım nə idi, məni götürüb bu cəhənnəm odunun içinə saldınız? Həsən. Yoxsa yamanlıq eləmişik? Ağa arvadı olubsan, xanımsan, qabağında qulluqçular durublar. Yoxsa tumanın balağını belinə sancıb alaq elədiyin günlərin xiffətini eləyirsən? Gülnisə. Kaş ki, yüz alaq eləyəydim, daş daşıyaydım, bu cəhənnəm oduna yanmayaydım. Həsən. Axmaq qızı axmağın danışığına bax! A qız, Tanrına niyə təpik atırsan? Süd gölünün içinə düşüb üzürsən, yenə sənə azdır? Gülnisə. Istəmirəm bu süd gölünü. Ağaya ancaq mənim bu mürdəşir yumuş ağzım, burnum lazımdır. Mənimlə bir söz danışmaz. “Nə göyçək gözlərin var, nə qəşəng qaşların var, gərdənin mina kimidir. Boyun sərv ağacına oxşayır”. Bundan savayı bir söz eşitmirəm. Qulluqçular məni lağa qoyub gülürlər, məni gendən görəndə deyirlər: “Ora baxın, sərv ağacı gəlir”. Məgər belə günə davam eləmək asandır? Tubu. Odur ki, axmaqsan. Ağa səninlə nə dillə danışır, sən də onunla o dillə danış. Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözünə girə bilmirsən. Gülnisə. Mən onun gözünə girim? Mənim onun gözlərindən zəhləm gedir. Onun gözləri görüm kor olsun! Tubu. Hələ giley-güzarı qoy dursun. Əlində üç yaşında oğlun var, ölənəcən burada qalacaqsan. Sənə bir söz deyəcəyəm. Onun üçün çağırmışam. Gülnisə. Əlimdə bir olmaya, səndən də ayıb olmasın, yüz uşaq ola, yenə burada mən cəhənnəm əzabı çəkəcəyəm. Tubu. Di yaxşı, qulaq as, gör nə deyirəm. Sən ağa arvadısan. Lazımdır ki, sənin atan da ağanın yanında, camaatın gözünün qabağında sayılan bir adam olsun. Sənin atan qalıb qıraqda, Namaz hər yerdə quyruq bulayır. Atayın xatirəsi üçün gərək ağanın qılığına girib, Namazı buradan qovdurasan. Gülnisə. Mənim bədbəxtliyimə səbəb elə mənim bu atamdır. Mən nə qılığa girərəm, nə ağaya söz deyərəm. Tubu. Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək eləməyəsən? Gülnisə. Mən Cahangir ağa ilə İndiyədək üz-üzə oturub danışmamışam və danışmayacağam da. Danışığa da gəlsəm, ona çox söz deyə bilərəm. Onun da axırı yaxşı olmaz. Odur ki, mən onunla danışmaq istəmirəm. Ana, bağışla məni. (Cəld gedir.) Şahmarbəy (daxil olur, Tubu qaçır). Baho, Həsən! Xoş gördük, kefin necədir? Həsən. Niyə, pis deyil. Şahmarbəy. Cahangir ağa evdədirmi? Həsən. Gərək evdə olsun. Cahangirağa (sol qapıdan çıxır). Ya Allah, ya Allah, Şahmar bəy! Belə xəbərsiz gəlməkdə xeyirdirmi? Şahmarbəy. Gəlməyimin xeyir olduğunu deyə bilmərəm, şər də deyil. Ancaq səninlə bir-iki kəlmə ayaqüstü danışıb gedəcəyəm. Konyakın varmı? Cahangirağa. Konyaksız düşmənin olsun. Dövlətindən tapılar. Həsən, Şahmar bəyə konyak gətir. Həsən (sol qapını açıb). Namaz, Cahangir ağa konyak istəyir. Şahmarbəy (Cahangir ağaya). Səninlə bir xəlvət söhbətim var. Lazımdır ki, burada kənar adam olmasın. Həsən, sən get həyətdə bir çubuq çək, sonra gələrsən. Həsən. Cahangir ağanın məndən xəlvət söhbəti olmaz. Şahmarbəy. Cahangir ağanın səndən xəlvət söhbəti olmaz, amma mənimki var. (Namaz konyak gətirir, pristav üç rumka içir.) Di haydı! Ikiniz də çölə zəhmət çəkin. (Namaz sol qapıdan gedir, Həsən həyətə çıxır.) İmdi mən gəlməyimdən niyyət nə olduğunu deyərəm. Cahangirağa. Bəli, buyur. Şahmarbəy. Sən kənddə oturubsan, dünyadan xəbərin yoxdur. Neçə vaxt bundan qabaq Rusiyada hamı dəmir yollar yatmışdı. Poçtteleqraf qulluqçuları tamamən işdən əl çəkib bikar oturmuşdular. Fabriklərdə işləyən fəhlələr işləri yatırmışdılar. Bunların xahişləri bu idi ki, gərək camaata hürriyyət verilsin. Cahangirağa. Hürriyyət nədir? Şahmarbəy. Yəni hər kəs nə istəyir danışsın, istədiyin yazsın. Bu gün birisi rusdur, sabah dönsün müsəlman olsun, ya erməni olsun, nə məzhəbə keçəcək keçsin. Belə-belə ixtiyarlar istədilər. Deyirlər, vəzirlər gərək öz işləri haqqında camaat vəkillərinə hesab versinlər. Daha belə işlər. Cahangirbəy. Deməli, bundan sonra hər qor-qoduq çıxıb ağzına gələni dəyəcək, yazacaq, biz də gərək dinməz qulaq asaq. Bəs buna padşah nə deyir? O belə işlərə heç vaxt razı olmaz. Çox danışarlar, qoşununa buyurar, hamısın it unu kimi dağıdar. Axmaqlar, gör nə xəyala düşüblər! Şahmarbəy. Elə dərd budur ki, padşah da bu ixtiyarı veribdir. Hətta üç-dörd il bundan qabaq tutduğum studenti də açıb buraxıblar. Yenə kəndbəkənd düşüb ağzına gələn hədyanlar danışırdı. Labüd qalıb təzədən tutub damlamışam. Qışqırır, çığırır, deyir: “Sənin məni tutmağa ixtiyarın yoxdur. Məni manifestə görə buraxıblar”. İmdi bu gecə onu şəhərə göndərəcəyəm, uşaqlara da tapşıracağam ki, onu yolda manifestə versinlər. Ha, ha, ha!.. Cahangirağa. Yox, bu yaxşı olmadı. Belə işlərin axırından xeyir çıxmaz. Şahmarbəy. Advokat İbrahim bəy bir ağıllı adamdır. Deyir rus, yapon davasında basıldı. O səbəbdən məmləkətə belə şuriş düşüb. Deyir əgər rus padşahı bir dava da eləyib basılsa, onun özünü camaat taxtdan salıb, hökumət ixtiyarını öz əlinə alacaq. Cahangirağa. Allah elə günləri göstərməsin. Şahmarbəy. Mən, naçalnikin əmrinə görə, mülkədarları birbir görüb xəbərdar eləyirəm. Rusiyanın işləri şuluqdur. Hər yerdə rəiyyət tökülüb bəylərin mülklərini dağıdırlar, qarət eləyirlər, yandırırlar. Bəzi vaxt özlərini də öldürürlər. Oralardakı külək, olsun ki, buralarda əsə. Odur ki, sizə lazımdır rəiyyətlə bir növ müdara ilə dolanasınız və rəiyyəti üzə durğuzmayasınız. Yoxsa o oyunlar burada da çıxsa, camaatın öhdəsindən gəlmək çətin olar. Gərək qoşun gətirdəsən, camaatı gülləbaranla dağıda. Qoşun da güllə atarmı, ya atmazmı, məlum deyil. Çünki Rusiyada bir-iki yerdə qoşuna əmr veriblər ki, kəndlilərə güllə atsınlar, atmayıblar, deyiblər, biz hamımız kəndli balalarıyıq, öz kəndlilərimizi qırmarıq. Dünən Ehsan xanın yanında idim. Onunla da bu barədə çox danışdım. O da bu gün istəyirdi sənin yanına söhbətə gəlsin. Cahangirağa. Deməli, Ehsan xan bu gün mənə qonaq gələcək? Şahmarbəy. Bəli! Cahangirağa. Onda binagüzarlıq lazımdır. Şahmarbəy. Daha mən dayana bilmərəm. Gərək gedib sair mülkədarlarla da görüşüm. Cahangirağa. A kişi, özün deyirsən Ehsan xan gəlir, gözlə gəlsin, bu gecəni burada keçirin. Bizim camaat dinc camaatdır. Ondan sarsaq iş baş verməz. Şahmarbəy. Bu sözləri Rusiya mülkədarları da deyirlər. Rəiyyətə etibar olmaz. Hələ ki, xudahafiz! Cahangirağa. Deməli, qalmağa heç təhərin yoxdur? Şahmarbəy. Ara sakitləşsin, asandır, çox vaxt keçirəcəyik. Hə, yaxşı yadıma düşdü. Həsən kişinin qızı nə qayırır? Tasası yatıbdırmı? Cahangirağa. Yatmayanda od olub məni yandırmayacaqdır ki! Şahmarbəy. Qoçaqsan. Gül vurubsan. Xudahafiz. (Gedir.) Cahangirağa. Xudahafiz. Namaz (daxil olur). Ağa, sənə bir söz deyəcəyəm, ancaq acığın tutmasın. Cahangirağa. Nə var, nə sözdür? Namaz. Doğrusu, ağa iki qoçun başı bir qazanda qaynamaz. Bu evdə gərək ya Həsən otursun, ya mən. Cahangirağa. Necə, istəyirsən ki, mən Həsəni qovum? Namaz. Həsəni niyə qovursan? Həsən sənin arvadıyın atasıdır. Mənə izin ver, gedim özüm üçün bir kasıblıq tapım. Cahangirağa. Mən sizin heç birinizi buraxa bilməyəcəyəm. Sənsiz, özün bilirsən, mənim tamam işlərim yatar. Həsən də ki... belə, başa düşürsən... Həsəni rədd eləsəm, gərək qızını da rədd eləyim. Namaz. Onu sən bilirsən. Çörəyini mənə halal elə. Mən burada qala bilməyəcəyəm. On-on beş ildir sənə nökərçilik eləyirəm. Bundan sonra da gedib başqa bir çörək pulu axtaracağam. Cahangirağa. Mən yenə deyirəm, nə səni və nə də Həsəni buraxa bilməyəcəyəm. Namaz. Mən də qala bilməyəcəyəm. Cahangirağa. Ay Namaz, buna, adamı divara qısnamaq deyərlər. Bir-iki gün dayan, bir fikir eləyim, sonra sənə cavab verərəm. Na maz (ciddi). Fikir yeri yoxdur. Düzü, gərək Həsən də, arvadı da və qızı da buradan çıxsınlar. Mən Həsəni gətirib burada çörək yiyəsi eləmişəm, İmdi yeyib, kökəlib, qudurub. Minib mənim başıma. Mən də papağımı tərsinə çevirəndə qorxuram çox adam dolaşa. Mənim əlimin altında çox adamların işdəkləri var. Mən də ki, özün bilirsən, heç zaddan, heç kimdən qorxan deyiləm. Elə ki höcətə düşdüm, məndən ötrü qazamat, Sibir – hamısı birdir. Amma mənim dalımca dolaşanlara çox təfavüt elər. Cahangirbəy. Ay Namaz, axır bu bir təklif deyil ki, sən eləyirsən. Doğrudur, mən nə Həsənin qızını arvad yerində, nə onun uşağını uşaq yerində sayıram. Sənin də insafın yoxdur? Bir neçə vaxt səbr elə, sonra yenə burada bir sən qalacaqsan, bir də mən! Namaz. Camaat Həsənin əlindən dad çəkir. Pristavın da danışığını tamam-kamal eşitmişəm. Xalq mənim bircə sözümə məəttəldir ki, Həsənin də, arvadının da cürümünü çəksinlər. Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Gedib özümü onun əlinə verib, sənin uğrunda tutduğum işlərin hamısının hesabını ona verəcəyəm. Ondan sonra məndən incimə. Daha qulluğundan mürəxxəs olaq. (İstəyir getsin.) Cahangirağa. Hara gedirsən? Bir dayan, qulaq as, gör nə deyirəm. (Namaz dayanır.) A kişi, sən hirsli adammışsan. Al bu yüz manatı qoy qoynuna, bir-iki gün səbr elə, bəlkə sən deyəni elədim. Namaz. Mənə nə yüz manat lazımdır, nə də yüz min manat. Ehsan xan neçə ildir səninlə qohum olmağa çalışır, özü də indicə gəlib evinə düşəcək. Günü bu gün Ehsan xanın qızına elçi düşüb, Həsənin özünü də, qızını da evdən çıxardacaqsan. Cahangirağa. Bəs onun kəbini? Namaz. Kəbinə qol çəkibsən? Cahangirağa. Necə? Namaz. Kəbində mən olmuşam. Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır. Molla, Həsəndən rüşvət alıb, öz tərəfindən kəsib. Mən də ki, savadsızam, mollanın evinə getdiyimi kökündən danaram. Onda həm qızı başdan elərsən, həm uşağını qəbul eləməzsən. Aralıq soyuyandan sonra Həsəni çağırıb, bir-iki yüz manat xərclik verib yola salarsan. Cahangirağa. Bəs onda da molla dolaşar. Namaz. Molla dolaşanda qiyamət ki, qopmaz. Cəhənnəmə dolaşsın. Gedib qazamatda bir az müftə çörək yeyib, yenə çıxacaq. Çöldə camaat toplaşır. Cahangirağa (Namaza). Bir bax gör çöldəki nə səsdir? Namaz (qapını açıb baxıb qayıdır). Ehsan xan buyurubdur. Cahangirağa. Di çıx uşaqlara de, xanın atını tutsunlar. (Namaz çıxır. Ehsan xan neçə nəfərlə daxil olur. Cahangir ağa onun istiqbalına yeriyir.) Xan, bu evə çox xoş gəlibsiniz. Bu ev-eşiyin hamısı sizə peşkəşdir. Ehsanxan (üzündən öpür). Sən bilirsən ki, mən səni öz oğlum kimi istəyirəm. Budur, neçə vaxtdır səni görmək arzusundayam. Nə eləyim, işin çoxluğundan bir yana tərpənə bilmirəm. Qocalıq da bir yandan qol-qıçımı boşaldıb. Sizin kimi cavanlar gərək biz qocaları yada salalar. Mən gərək sənin qulağını çəkəm, xərəngə. (Gülür.) Cahangirağa. Məni öldürməyə də ixtiyarınız var, buyurun içəri. Həsən çöl qapıdan daxil olub, gəlib Ehsan xanın yanından etinasız eçir. Ehsanxan (Həsəni dayandırır). Ay gədə, bir dayan! (Həsən dayanır.) Sən quduz Pirverdinin oğlu Həsən deyilsən? Həsən. Necə? Ehsanxan. Məgər bu adamları gözün görmür? Həsən. Kor ki, deyiləm, niyə görmürəm? Ehsanxan. Vaxt ki görürsən, niyə salam vermirsən? Başın ki, qopub yerindən düşməyəcək. Həsən. Elə ki mənim qızım Cahangir ağadan boşandı, yerinə sənin qızın gəldi, o vaxt baş üstə, salam verərəm. Ehsanxan. Axmaq oğlunun danışığına bax! (İstehza ilə) Pah, bağışla, bilmədim, Həsən ağa. Sən axır Cahangir ağanın qayınatasısan. Biz gərək sənə salam verək. (Cahangir ağaya) Ay Cahangir, məgər beş-on girvənkə arpa tapa bilmirsən, bunun qabağına tökəsən, məşğul olub tövlədən eşiyə çıxmaya? (Gedir sol qapıya tərəf.) Cahangirağa (onu içəri salıb qayıdır, Həsənə). Heyvan oğlu heyvan! Gərək hər yerdə mənim başımı aşağı eləyəsən? İtil mənim gözümün qabağından! Həsən. Necə? Məni qovursan? Cahangirağa. Qovuram, bir də üstündən! Namaz (H ə s ə nə). Çox danışma, çıx çölə, naqqal oğlu naqqal! (Boynundan tutub salır eşiyə, çöldə camaat küyləşir.) Birincikəndli. Ay camaat, gözünüz aydın olsun, ağa Həsəni iti məsciddən qovan kimi qovdu. Camaat Həsəni əhatə edir. İkincikəndli. Kefin necədir, ay ağanın qayınatası? Üçüncükəndli. Bildirçinin bəyliyi darı sovuluncadır. Bundan da sonra get Kəbədə yağ iç. Həzrətqulu. Həsən əmi, bircə o iyirmi manatı çək eşiyə. Həsən. Necə iyirmi manatı, ay oğul?! Həzrətqulu. İmdi oğul oldum. Yarımca saat bundan qabaq aldığını. Çox dayanma, çək eşiyə, yoxsa çuxanı çıxardaram. Səslər. Kişinin pulunu ver, kişinin pulunu ver! Həsən (pulu verir). Al, atam, əl çək məndən. Həzrətqulu (camaata). Qardaşlar, bu pul məndən çıxmışdı. İmdi əlimə müftə keçib. Bir qoyun alıb, hamınızı kababa qonaq eləyəcəyəm. Camaat. Ura!.. Na maz (orta qapıdan Tubunu çıxardır). Gəl, sən də əriyin dalınca buyur. (Çölə salır.) Birincikəndli. Budur, Tubu xanım da gəldi. Ura!.. İkincikəndli. Ağamın qayınanası gəldi. Ura...ura!.. Ha m ı. Ura... Ura... ura! Uzaqdan alov görünür. Birincikəndli. Ay uşaqlar, o görünən alov nədir? İkincikəndli. Deyəsən cüvəllağılar H ə s ə nin evinin yandırırlar. Birincikəndli. Yaxşı oldu, haqqında oldu. Yellə gələn sellə gedər. Tu b u (alovu görüb). Oy!.. Oy!.. Evinə od düşsun, a mənim evimi yandİran! Ay üstünüzə od tökülsün, evimi niyə yandırırsınız? A sizing ananız mələsin, evimi niyə yandırırsınız? (Həsənin boynuna bir yumruq vurur.) A başı daşlı, əməzək, bivec! Allah döysün səni! Evin yanır, ölü kimi niyə dayanıb baxırsan? Yüyür, bir təhər çək! Hər ikisi yüyürür. Camaat (dalınca). Ay qoymayın, getdilər ha! Alabaş, tut ha!.. Birincikəndli. Xalqdan soyub aldığı maldır, indi də istisinə qızışsın. Canına lənət gəlsin, ay onun evinə bir aftafa su tökən! Sol qapıdan Gülnisə, qoltuğunda üç yaşında bir uşaq, başının tükləri pəjmürdə, çıxır. Namaz. Atayın evi yanır, sən də haraya yüyür. Gülnisə. Gedirəm, gedirəm... Məni qovanın üstünə gün doğsun. Bu gün mənim üçün toy-bayramdır. Mən zindandan qurtarmışam. Gordan evə qayıdıram. Atamın evini yandırırlar. Elə atamın özünü gərək yandırsınlar. Mən gedirəm, amma bu uşaqdan mənə cəza verənlərin canına bir yağı bəsləyəcəyəm ki, gərək onun öhdəsindən gələ bilsinlər. (Yüyürüb çıxır.) * * * Dördüncü pərdə Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla bəzənmiş və qızıl vərəqələrlə örtülmüş, meyvəcatla, həlviyyatla dolu birxonça gətirib toybaşının müqabilində qoyurlar. Cavanlardan iki-üç nəfər oynayıbəyləşirlər. Cavanlar oynayan əsnada fərraş çubuğunu camaatın dizlərininqabağında yerə çırpır, qışqırır və özü də musiqinin havasına atılıb-düşür. Fərraş (qışqırır). Əl vurun! Əl vurun! Bu toy hər toya bənzəməz! Bu, Cahangir ağanın toyudur! Ehsan xanın qızının toyudur! Əl vurun! Toybaşı. Ağa bu gün toyu camaata verib, biz də gərək eninə, boyuna şadlıq eləyək. Fərraş!.. Fərraş. Bəli! Toybaşı. Qız-gəlinlərdən yavaş-yavaş çağır, oynasınlar. Fərraş. Baş üstə! (Çıxır). Bir nəfər üzü örtülü qadın daxil olub, məclisin ortasında dayanır. Aşıqlar ağır havaçalırlar. Qadın ahəstə oynayır. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Qadınbir qədər də iti oynayıb çıxır. Bu minvalla neçə qadın gəlib, belə oynayıb gedirlər. Qadınlar oynadıqca fərraş gəlib camaata əl vurdurur və bir yandan da “şabaş”çağırır. Kənd adətinə görə, camaat oynayan qadınların şərəfinə pul verirlər. Bupulları fərraş alıb, pul verənin adına belə elan edir: “Yenə “filankəsin”, yenə “filankəsin” evi abadan olsun! On tümən şabaş elədi. Oyunçular başına, ay şabaş,toy şabaş!”. Fərraş bu sözlərlə başqa pul verənlərin də adlarını çəkib qışqırır.Aldığı pulları aparıb xonçaya qoyur. Toybaşı (axırıncı qadın oynayıb gedəndən sonra saz aşığına). Aşıq Cəfər, İmdi dur bir az söhbət elə, görək! Aşıq Cəfər, əlində saz, balabançı ilə çuxalarını çıxarıb dururlar ayağa. Qabaqca çalğı ilə məclisi dolanırlar, ondan sonra bir oyun havası çalıb, qoşa oynayıb məclisin ortasında dayanırlar və keçirlər “arazbarı” çalğısına. Aşıq Cəfər yekpay oxuyur. Aşıq Cəfər (oxuyur): Dedim: ey dost, belə sallanma, Burda yaxşı var, yaman var. Dedim: ay yar, qadan mən allam, Dedi: səbr elə, zaman var, ay zalım, Dedim: ay gül, həmdəmin kİmdir? Dedi: həmdəmim bülbüldür. Dedim: ay gül, xara yalvarma! Dedi: neyləyim, işim müşküldür, ay zalım! Gözəllər bağda gəzərlər. Ömrümün gülün üzərlər. Özlərin bulə bəzərlər. Biri o yandan, biri bu yandan, ay zalım! (Yekpaydan sonra balabançı əyləşir. Aşıq Cəfərin əlində saz, bir az otağı dolaşır.) Həzərat, əvvəla, Cahangir ağanın toyu mübarək olsun, ustada da min rəhmət, ustaddır! Açıq başda olsa əgər bir dilbər, Onda bu nişanlar müəyyən gərək. Əndamı ayinə, qəddi mötədil, Siyah zülfü qamətinə tən gərək. Yanağı lalənin Baharı kimi, Ləbləri yaqutun kənarı kimi, Bir danə nasüftə mirvari kimi, Başdan ayağadək ağ bədən gərək! Qövlü sadiq ola, hər feli həlal, Bilməyə ki, fitnə nədir, məkrü al, Şam kimi qabaqda dura, nitqi lal, Kəsilsə də başı dinməyən gərək! Növrəsidə, on dörd, on beş yaşında, Eyb olmaya kirpiyində, qaşında, Həyası üzündə, ağlı başında, Ağzı-burnu nazik, üzü gen gərək! Tavus kimi cilvələnə hər səhər, Bəzək verə cəmalına sərbəsər, Dİndirməmiş verə könüldən xəbər, Işarə anlayıb, hal bilən gərək! Vaqif, yaxşı canan gərək, can üçün, Nədir çox çalışmaq bu cahan üçün, Bir gözəl lazımdır bizim xan üçün, Vali qulluğunda ərz edən gərək! (Balabançı yenə durub gəlir aşıq Cəfərin yanına, aşıq Cəfər “Kərəmi” oxuyur:) Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimanə, durnalar! Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkanə durnalar? Ərz eləyim, bu sözümün sağıdır, Yollarınız həramidir, yağıdır. Şahin-şonqar sürbənizi dağıdır, Boyanarsız qızıl qanə, durnalar! Bir baş çəkin dərdməndin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə, Siz yetirin bir nişanə, durnalar! Şikəstə: Bu dağlar, dəmir könlüm, daş könlüm! Hicran gəldi, qaç könlüm. Çəkil bağlar küncünə. Qəm dəftərin aç könlüm! Şikəstədən sonra balabançı çalır, aşıq Cəfər tək oynayıb, toybaşıya baş əyib gedir yerinə. Toybaşı. Fərraş! Fərraş. Bəli! Toybaşı. Uşaqlardan durğuz bir yallı tutsunlar! Yallı tutulur. Neçə nəfər cavan əl-ələ verib düzülürlər. Bir nəfər əli çubuqlu onlara dəstəbaşı olur. Oynayanların hamısı dəstəbaşının işarələrinə itaət və əməllərinə də təqlid etməyə məcburdurlar. Əks surətdə dəstəbaşı boyun qaçıranı çubuqla vuracaq. Cavanlar qabaqca yerlərində dayanıb, ağır bir havaya dabanları üstündə sağa, sola yırğalanaraq, qalxıb-düşürlər. Çalğı getdikcə qızışır, cavanlar da qızışıb, qabaqlarında dəstəbaşı, oynayaraq, otağı dolanırlar. Dəstəbaşı gah dayanır, gah yerə əyləşib əl çalır. Gah yenə cəld sıçrayıb oynayır. Hamı ona təqlid edir. Axırda yallı tutanlar dayanırlar. Dəstəbaşı ayrılıb tək oynayır. Hamı əl çalır. Dalınca yallı gedənlər növbə ilə oynayanlar. Yallı tamam olur. Həsən oyunun qızğın vaxtında, əynində cındır libas, sifət, saqqal pəjmürdə, divanə halında özünü içəri salır. Həsən. Həsənəm, yol kəsənəm, tarı mənəm, Bil mənəm, hamını mən yaratmışam. Sizi də mən yaratmışam! Aşıq! Çal oynayacağam, qızımın toyuna gəlmişəm. Oynamasam arzum ürəyimdə qalar. (Qışqırır.) Ay Gülnisə! Atan toyuna gəlib, gəl oynamağına tamaşa elə! Fərraş (gəlib qolundan tutur). Həsən əmi bu, Gülnisənin toyu deyil. Gülnisə çoxdan xalası evinə köçüb gedib. Bu, Cahangir ağanın toyudur. Ehsan xanın qızının toyudur. Həsən. Nə Cahangir ağa? Nə Ehsan xan? Onları da mən yaratmışam. Şahqulu oğlu Namazı da mən yaratmışam. Aşıq, çal, yoxsa dəyənək başında oynar! İstəyirlər çıxartsınlar. Toybaşı. Uşaqlar, görürsünüz dəlidir. Qoyun oynasın, oynar, yorular, çıxıb gedər. Aşıq, çal! Aşıqlar çalırlar. Həsən divanəvarı oynayır. Gəldikcə qızışıb başlayır dolaşmağa, birdən yıxılır. Fərraş (istəyir durğuzsun). Ay uşaqlar, bu ki ölübdür! Səslər. Necə ölübdür? Nə danışırsan? Durub Həsənin meyitini əhatə edirlər. Toybaşı. Bəli, sağlığında camaata əziyyəti az dəymişdi, gərək ölüsü də xanımın kefini pozaydı. Götürün bu mərdimazar oğlunun meyitini! Meyiti götürürlər. Pərdə * * * Beşinci pərdə Bir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar düzülmüş. Skamyalar üzərində neçə nəfər qadın və kişi əyləşmiş. Katib yazıya məşğuldur. Sədr hələ gəlməmiş. Qoçaşikayətçi. (katibə). Ay oğul, bəs İskəndərzadə yoldaş nə vaxt gələcək? Çoxdandır gözləyirəm. Mirzə Səməd. Bir azca dayan, əmican, İndicə gərək gəlsin. Mərkəzdən şkolaların böyüyü gəlibdir. Bu gün kənddə şkola binası qoyacaqlar. Qoca. Görünür, xeyir işə gedibdir, ziyanı yoxdur, gözlərəm. Axşamacan da gəlməsə incimərəm. Mirzə Səməd. Yox, bu saat gələr, məəttəl olmazsan. Qoca. Ay oğul, mənim başım çəkməyən bəla yoxdur. Gedirdik pristavın qapısına, deyirdilər ağa yatıbdır, gözlə, oyanıb işinə baxar. Günorta olurdu, ağa yatıb, gün əyilirdi, ağa yatıb. Deyirdik, ay canım, yolumuz uzaqdır, qaranlığa düşərik, yolda atımızı əlimizdən alarlar, burada yatmağa yerimiz yoxdur. Deyirdilər, nə çoxdur bağlarda ağac, get birinin altında yat. Ağa bu gecə səhərəcən filan bəyin evində qumar oynayıb, gün çıxandan sonra evə gəlibdir. O, gün batınca durmayacaq. Dursa da səni sənin işinə baxası olmayacaq, çünki çox pul uduzub, sağ-solunu qapır. Çıxıb gedirdik işimizə. Çox vaxt olurdu ki, bir iş düşəndə beş ağsaqqal çağırırdıq, gəlib işimizi barışdırırdılar. Deyirdik, qoy ziyan çəkək, pristavın sifətini görməyək. İmdi, budur, təzə hökumət gələndən bəri pristavların piyan sifətlərindən qurtarmışıq. Gəlirsən, altına kürsü çəkirlər, səninlə insan kimi danışırlar. İşinə də də oyanlıq, bu yanlıq, insafla baxıb yola salırlar. Bu İskəndərzadə yoldaş gələndən bəri işlər gün-gündən yaxşılaşır. Yaxşı oğlandır, ona mənim belə bu qoca canım Qurban olsun. Mirzə Səməd. Əmican, pristavı padşah təyin eləyirdi. O da padşahın tərəfini gözləyib, camaatın belində qamçı işlədirdi. İmdi hökuməti camaat seçir, o da camaata qulluq eləyir. Qoca. Düzdür, Qurbanın olum, elədir. (Hamı əyləşənlərə) Elədir? Hamıəyləşənlər. Elədir, elədir. Yoldaş mirzə düz buyurur. İkincişikayətçi. Ay kişilər, mən sizə bir gülməli şey nağıl eləyim. Bir az bundan qabaq Xədicə oğlu Kərbəlayı Əhmədin evinin yanından keçirdim. Gördüm çox adam yığılıb. Soruşdum nə var, dedilər, təzə şkol açırlar. Yoldaş İskəndərzadə orada idi. Bir də baxdım ki, Molla Talıb yanından küsmüş uşaq kimi, qıraqda boynunu bükmüş oturub bir daşın üstündə. Yeriyib salam verdim. Dedim: molla əmi, dəstgahı görürsənmi? Dedi görürəm, Allah bu Şura hökumətinin cəzasını versin, tamam uşaqlarımızı dindən çıxardacaq. Hər kənddə bir belə şeytan yuvası tiksələr, işlər düzələr. Dedim nə baxırsan, niyə vurub dağıtmırsan? Deyir məgər bu kafirlər məndə hərəkət qoyublar? Ancaq başımın milçəyini qoruyuram. Keçmiş vədə olaydı, şkolun altında od qoyub yandırmışdım. Deyir başımın milçəyini qoruyuram... ha!.. ha!.. ha!.. Hamı gülüşür. Mirzə Səməd. Onun kimi başlarının milçəklərini qoruyanlar çoxdurlar. Daha onların dövranı qurtardı. Qoca. Çox yaxşı olur. Qoy hamısının aclarından ağızlarına qurd düşsün, qırılsınlar. Hamımızı bisavad, dünyadan bixəbər eləyən onlardırlar. Bəylərin plovların yeyib, camaatı da onların xatiri üçün qaranlıqda saxladılar. Deyir: hər kəs rus elmi oxusa, rusca danışsa, qiyamətdə dilinə əqrəb yapışacaq. Biz də inanırdıq. Ay sizin diliniz düşsün. Mirzə Səməd. Əlbəttə, onlara elə sərf elərdi. Qoyun ağıllanarsa südünü öz balasına verər. Odur ki, qoyunun ağıllanması çobana ziyandır. İmdi budur, məktəb açırlar, uşaqlarınız oxuyarlar. Əkini elmlə əkərlər, barama qurdunu elmlə saxlarlar, bağlarını elmlə becərərlər. Görərsən biri mənim kimi katib oldu, biri komitə sədri oldu, biri üzv oldu... Savadlı kəndliyə həmişə iş tapılar. İkincişikayətçi. Qardaşlar, təzə hökumətin işinə nə söz ola bilər? Bundan qabaq bəy min çuvalın yerini əkirdi, rəiyyət bir çuval toxum səpməyə yer tapmırdı. Buradan durub, gedib Əzizsultanlı yerində əkin əkirdik. İmdi isə yeri öküzünə tök, nə qədər gücün çatır, ək. Pul lazım olardı, gedərdin həftəbazar kərbəlayıların, hacılarının yanına, adamın qulaqlarının dibindən kəsib buraxırdılar. Ölənəcən onların borclarının altından çıxmırdıq. İmdi budur, gözəlcə bankımız var. Pul lazım olanda, gedib yüngülcə müamilə ilə götürürük. Vaxtında da aparıb veririk. Mirzə Səməd. Bəylər də, hacılar da, kərbəlayılar da, hamısı cəzalarına çatdılar. İmdi də onlar geridən baxırlar. Qoca. Şamçıraqlı Cahangir ağanı eşidibsənmi? İkincişikayətçi. Necə? Qoca. Camaatın başına nə oyun qaldı gətirməsin! Öz rəiyyətindən birinin qızına aşiq olub, yazığın nişanlısını öldürüb, sonra da arvad adına aparıb evində dörd il saxlayandan sonra, qucağına bir uşaq verib evindən qovdu. Padşah taxtdan düşəndən sonra o qızın nişanlısını öldürəni buraxdılar, gəldi evinə. Gələndən sonra, tamam camaatı durğuzdu Cahangir ağanın üstünə. Camaat tökülüb ağanın evini yandırdı. Namaz adlı bir darğası var idi, onu tikə-tikə elədilər. Ağa da o vaxtdan başını götürüb qaçıb. Yerini də bilən yoxdur. İkincişikayətçi. Haqq olub, ona o da azdır, gərək özünü də evi kimi yandıraydılar. İskəndərzadə (daxil olur, xalq ayağa qalxır). Əyləşin, yoldaşlar, zəhmət çəkməyin, köhnə, paslanmış adətləri buraxın getsin. Mən sizin hamınızdan cavanam, gərək mən sizin ayağınıza duram. Sizə bu gün bir yaxşı məktəb açdıq. Bu kənd bina olunandan məktəb görməyibdir. Bir azdan sonra məktəbsiz bir kənd qalmaz. Gərək məmləkətimizdə bir bisavad olmasın. Hamı oxusun. Qızlar, oğlanlar, hələ qocalar da gərək oxusunlar. (Katibə) Mirzə Səməd, doğrudan da, məktəbimizin binası çox gözəl binadır, otaqlar böyük, işıq! Mirzə Səməd. Heyf ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Yəqin gözəl nitqlər söyləndi. İs kəndərzadə. Bəli, mərkəzdən gələn inspektor göyçək danışdı. Mən də bir neçə söz dedim. Danışdığım yerdə gözüm Molla Talıba sataşdı. Bir kənardan durub dəvə nalbəndə baxan kimi tamaşa eləyirdi. (Əyləşir yerində, şikayətçilərə) Di gəlin görüm, dərdiniz nədir? (Qadına) Bacı, qabaqca sən gəl. Qadın (qabağa yeriyir). Ay oğul, mənim, ayıb olmasın, bir qızım var, on yaşı ola, ya olmaya. Özünü də kənddə məktəbə qoymuşam. İmdi mənim kişim deyir, gərək qızı ərə verim. Deyirəm, ay kişi, bir insafın olsun, mürüvvətin olsun. Qoy bir az oxusun, böyüsün. On yaşında uşağı sən hara ərə verirsən? Deyir, olmaz ki olmaz. İmdi, budur, neçə gündür, ağacın birini itdə eləyib, birini məndə. Axır labüd qalıb, yanına gəlmişəm. İskəndərzadə. Haralısan, bacı? Qadın. Çuxurkəndliyəm. İskəndərzadə. Ərinin adın nədir? Qadın. Onu görüm adı batsın. Ramazan Ilyas oğlu. İskəndərzadə (katibə). Yoldaş Mirzə Səməd, Çuxurkənd komitəsinə bir əmr yaz, sabah Ramazan Ilyas oğlunu buraya göndərsinlər. (Qadına) Məgər sənin ərinin gözləri kordur? O demirmi ki, mən bu balaca uşağı hara verirəm? Bundan nə arvad olacaqdır? Qadın. Qurbanın olum, elə mənim də dediyim odur. Mən deyib, mən eşidirəm. Deyir qırxdır, biri əksik deyil. Deyir şəriətə baxsan, gərək qızı doqquz yaşında ərə verəsən. Bu qızın yaşı, deyir, az qalıb on bir olsun. Ərə verməsəm, məni cəhənnəm oduna yandırarlar. İskəndərzadə. İndi, bacı, istəyirsənmi ərinə tənbeh olsun? Qadın. Onun boğazından da assalar ürəyi soyumaz. İskəndərzadə. Çox yaxşı, sabah gələr buraya, mən ona bir yaxşı şəriət dərsi verərəm. (Katibə) Mirzə Səməd, kağızı yazdınız? Mirzə Səməd (məktubu təqdim edir). Buyurun. İskəndərzadə (oxuyub imza edir). Bu kağızı bir atlınan göndər. (Qadına) Bacı, bu gecə burada qalmağa yerin varmı? Qadın. Var, qadan alım, bacım evi var. İsgəndərzadə. Çox yaxşı, sən get. Sabah ərin buraya gələr, onda sən də gələrsən. Qadın. Ömrün uzun olsun, cavan qəddin yerə dəyməsin. (Gedir). İskəndərzadə (qocaya). Dayı, gəl görüm sənin qulluğun nədir? Qoca (qabağa gəlir). Ay oğul, mənim, ayıb olmasın, üç oğlum var, üçünü də evləndirmişəm. İmdi əkin yerimiz azlıq eləyir. Kənd komitəsinə neçə dəfə getdim-gəldim, əlac olmadı. İmdi səni deyib gəlmişəm. Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. İs kəndərzadə. Əlinizdə nə qədər yer var? Qoca. Olar bir üç çuvalın yeri. İskəndərzadə. (katibə). Yoldaş Mirzə Səməd, götürün bunların kənd şurasına yazın ki, buna, arvad və uşaqlarına nüfuz hesabı ilə nə qədər yer düşürsə, müəyyən edib versinlər. (Mirzə başlayır yazmağa.) Dayı, sən get, arxayın ol. Qo c a. Ömrün uzun olsun. Sənə bu qoca canım Qurban. (Katibə) Mirzə, kağızı yaz ver, elə özüm aparım. Mirzə Səməd. Budur, əlimdə yazıram. Dayan qurtarım, qol çəkdirim, apar. Qoca çıxır. İskəndərzadə (şikayətçiyə). Buyur görək sənin nə qulluğun var? Şikayətçi. Mənim şikayətim, a yoldaş, mirabdandır. Bağım yanırdı, getdim, yalvardım, üçcə gecəlik ondan su istədim. Gör mənə nə deyirlər, deyir, avcıma qoy, avcına qoyum. Yəni pul ver, su apar. Verməyə pulum olmadı, ağaclarım yanır, bağa baxsan yazığın gələr. İskəndərzadə. Mən mirabı çağırtdırmışam. Sən də get, arxayın ol, sabah bağın su içər. Hansı kənddənsən? Şikayətçi. Quruqatlaq kəndindən. İskəndərzadə. Adın nədir? Şikayətçi. Behbud H ü s e y nqulu oğlu. İskəndərzadə (yazır). Di get, xatircəm ol. (Katibə) Mirzə Səməd, mirab gəlibdirmi? Mirzə Səməd (yazır). Bəli, gəlibdir. Iki nəfər çağırdığımız kəndlilər də gəliblər. İskəndərzadə (qapıdakı milis nəfərinə). Çıx, mirabı da, onunla bir yerdə çağırılan kəndliləri də buraya gətir. (Milisioner çıxır. Şikayətçiyə) Sən, yoldaş, dayanma, get evinə. Şikayətçi gedir. Mirab iki nəfər kəndli ilə daxil olur. İskəndərzadə (miraba). Yoldaş, bu camaat sizi mirab seçib, sizə məvacib təyin edibdir ki, siz də qayda ilə camaatın əkənəcəyinə, bağına, bostanına su verəsiniz. Nəinki kəndlinin birindən rüşvət alıb, suyu tamam oraya buraxıb, qalan kəndlilərin əkinəcəklərini yandırasınız. (Mirab başını aşağı salır.) Niyə cavab vermirsiniz? Mirab. Daha nə cavab verim?! Məgər mən camaatdan rüşvət istəyirdim? Öz xahişləri ilə mənə peşkəş veriblər. Budur, gətirmişəm, yenə özlərinə qaytar. (Pulu verir.) İskəndərzadə (pulu alır). Bu hələ qalsın burada. Bunun yeri Mtapılar. (Birinci kəndliyə) De görüm bu pulu miraba kim verdi? (Katibə) Mirzə, qocanın kağızı hazır isə, ver, qol çəkim, onu yola sal getsin. Mirzə Səməd. Bəli, hazırdır. (Təqdim edir. İskəndərzadə imza edir. Mirzə çıxıb, söhbət əsnasında yenə qayıdır.) İskəndərzadə (birinci kəndiyə). Hə, söylə görüm, kim verdi rüşvəti? Birincikəndli. Tamam camaat. İskəndərzadə. Necə tamam camaat? Biz kəndə gələndə iki günlərlə camaatın hamısını bir yerə toplaya bilmirik. Nə oldu, mirab gələn kimi, hamı camaat birdən yığıldı? Birincikəndli. Doğrusu, əkin-əkinəcəyimiz yanırdı. Camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Mirab cavab verdi ki, su, budur, mənim əlimdə, cibimdə, atımın quyruğunda. Elə ki, iki gündən sonra kəndə gəldi, camaat hamısı “su mirabın atının quyruğundadır” deyib, hər yerdən axnaşdı. Kağıza bükülü pulu mənə verdilər, mən də buna verdim. İskəndərzadə. Nə qədər pul idi? Birincikəndli. Qədərini bilmədim, saymadım. İkincikəndli. Mən pulu bunun əlindən alıb saydım, tamam yeddi yüz manat idi. İskəndərzadə (pulu sayır). Düzdür. İndi, yoldaş mirab, sizi də, bu iki nəfəri də göndərəcəyəm şəhərə, prokurorun ixtiyarına. Mirab. Qələt eləmişəm, yoldaş İskəndərzadə, mənə nə tənbeh eləyirsən özün elə. Məni prokurorun caynağına vermə. İskəndərzadə. Yox, yoldaş. Şura idarəsində rüşvətxorun yeri yoxdur. Sizə tənbeh olmasa, özgələrinə də ibrət olmaz. (Milisionerə) Bunları apar saxla. (Milisioner aparır.) Mirzə Səməd, bir kağız götürün, bu həftənin seksiyalar iclaslarının siyahısını yazın. Mirzə Səməd (kağızı götürür). Bəli, buyurun. İskəndərzadə. Şənbə – abadanlıq seksiyası, bazar ertəsi – maarif seksiyası, çaharşənbə – təsərrüfat seksiyası. Elanları vaxtında göndərin. Mirzə Səməd. Baş üstə. Milisioner (qayıdır). Yoldaş İskəndərzadə, bir nəfər qoca kişi, budur neçə gündür səfil, sərgərdan kənddə gəzir. Nə adını deyir, nə yerini. İmdi gətiriblər buraya, onu nə eləyək? İskəndərzadə. İçəri gətirin, görüm necə adamdır. (Milisioner çıxır. Bir nəfər beli bükülmüş, başı, saqqalı ağ kişini gətirir.) Dayı, gəl otur görək. (Qoca əyləşir.) Gəlişin nə yerdəndir? Qoca. Soruşmasan yaxşıdır. Yerim yadımdan çıxıb. Dövlətim var idi, mülküm var idi. Hamısı əlimdən getdi. Üç dəfə məni Dustaqxanaya salıb çıxartdılar. İmdi ac, sərgərdan dolanıram. İskəndərzadə (katibə). Mirzə, buna bir stəkan süd və çörək gətir. (Mirzə Səməd masanın dalındakı qapıdan gedib, danışıq əsnasında süd, çörək gətirib qocaya verir Qoca içir.) Dayı, mən də sənin kimi üç dəfə Dustaqxanaya düşüb çıxmışam. Deməli, dərdimiz birdir. Ancaq məni Dustaq eləyən hökumət səni Dustaq eləmədi. Necə ki, səni Dustaq eləyən hökumət məni Dustaq eləmir. Deməli, dövlətli, varlı bir bəy idin. Qoca. Bəli, neçə para kəndim var idi. İlxılarımın, naxırlarımın hesabı yox idi. Yüz nəfər qonaq qəflətən qapıma düşsə idi, hamısını qonaq eləməyə məqdurum var idi. İmdi dilənçi sifətində gəzirəm. İskəndərzadə (bir qədər fikrə gedir). Qoca, sən kim olduğunu mənə söylə. Mən də söz verirəm ki, bir kəsə açıb deməyəm. (Katibə) Mirzə, bizi tək qoyun. (Katib çıxır.) Burada İndi bir mənəm, bir də sən. Qoca. Bala soruşma adımı. Çörək verdin yedim, evin abad olsun. Daha izin ver çıxım gedim. İskəndərzadə. Bu ətrafda neçə nəfər mülkədar var idi. Birisi Süleyman ağa idi ki, öz rəiyyətləri öldürdülər. Birisi Ehsan xan idi... Qoca (diksinir). Daha kifayətdir, dalını sadalama. İsgəndərzadə. Sən Ehsan xan deyilsən. O, şura hökumətindən qabaq ölübdür. Diksinmə. İndi bildim sən kimsən? Sən Cahangir ağasan, belədirmi? (Qoca özünü yıxır skamyanın üstünə.) Mən səni tanıdım, İndi sən də məni tanı! Mən Həsən kişinin qızı Gülnisənin oğluyam. Gərək anamı yaxşı tanıyasan! Qoca (qışqırır). Oğlum! (İstəyir qucaqlasın.) İskəndərzadə (soyuq). Əyləş yerində. Mən sənin kimi vücudun oğlu olmağımı özümə əskiklik hesab edirəm. Sən mənim anamın sevgili adaxlısı Səfi oğlu İskəndəri öldürüb, anamı kef üçün aparıb, Ehsan xanın qızını alanadək saxlayıb, axırda qovdun. Mənim anamın ölənədək gözünün yaşı qurumadı. Mən də anamın təskini üçün özümə İskəndərzadə adı qoydum. Əlində ixtiyar olan zaman camaatın qanını su yerinə axıtdığın vaxtlarda, öz kefin üçün özgənin qanını tökməyə ar etməyən zamanda, belə bir günün gəlməsini fikir etsəydin, bu halətə düşməzdin. Qoca. Oğul, deginən məni burada öldürüb, əziyyətdən qurtarsınlar. İs kəndərzadə. Yox, sənin üçün ölüm səadətdir. Səni öldürən sənə böyük iltifat etmiş olar. Özün fikir elə, gör sənin vücudun bir güllənin qiymətinə dəyərmi? Sənə böyük tənbeh, səni bu halətdə qoymaqdır ki, ömrüyün axırınadək avara dolanıb, köhnə hökumətin qayıtmasına müntəzir olasan. Get buradan, get, get. (Zəng çalır, milisioner daxil olur.) Bu kişini aparıb, qədim xanlıq meşənin ortasında yola buraxıb, qayıdarsan. Milisioner. Baş üstə. Gedək, qoca. İskəndərzadə (milisionerə pul verir). Götür pulu. Buna çörəkdən, yavanlıqdan al ver, özü ilə aparsın. (Qocaya) Di get, qoca! Sənin kim olduğunu heç kəs bilməz. Mən də arzuma çatdım. Qoca və milisioner çıxırlar. İskəndərzadə onu yola salıb, yerində əyləşir. Sonra iki əli ilə başını tutub, özünü masanın üstünə yıxır. * * * == Məşədi Qulam qiraət öyrənir == Məşədi Qulam qiraət öyrənir Bir pərdə, iki şəkildə İştirak edənlər: MəşədiQulamMəşədiRamazan Şahpəri – onun arvadı MirzəYusif Cahangir – onun oğlu Nataşa * * * Birinci şəkil Əhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub. Mirzə Yusif. Bu gün sizin ev xərci həmişəkindən birə yüz artıqdır. Nə vaqe olub? Məşədi Qulam. Nə işin var? Hesabını de. Bir neçə nəfər molla tələbə çağırmışam, atama Quran oxutduracağam. Mirzə Yusif. Allah rəhmət eləsin. Məşədi Qulam. Allah sənin də ölənlərinə rəhmət eləsin. Bir-bir de görüm. Mirzə Yusif. Bir dənə toyuq üç manat. Məşədi Qulam. Bu da üç manat toyuq. Evin dağılmasın, üç manata bütün dəniz kənarındakı evləri almaq olardı, içi cavahirat qarışıqlı... Sonra?.. Mirzə Yusif. Beş girvənkə sədri düyüsü beş manat. Məşədi Qulam. Bu da beş manat. Mirzə Yusif. İki girvənkə yağ səkkiz manat. Məşədi Qulam. Allah evini yıxsın, baqqal tayfası, hər yerdə varsan. Bir neçə gün bundan qabaq getmişəm yağ almağa. Soruşdum girvənkəsi neçəyədir? Dedi üç manatdır. Dedim, balam, nə üçün belə baha? Dedi bu gün qızıl qalxıbdır. O səbəbdən yağ da qalxıbdır. Qızıl aşağı düşəndə getdim yağ almağa. Bu səfər beş manat dedi. Dedim, balam, qızıl ki düşüb, niyə belə yağ qalxıb? Dedi yağın işi başqadır. Dedim Allah insafınızı kəssin. Mirzə Yusif. Səhər dükana kağız gətirən rus balasına verilib iki qızıl onluq. Bu da elər otuz altı manat. Məşədi Qulam. Onu dəftərə yazma, poz getsin. Mirzə Yusif. On da yumurta iki manat. Məşədi Qulam. Bu da iki manat. Mirzə Yusif. Axundovların mağazasından qənd gətirən hambala bir manat. Məşədi Qulam. Bir manat hanı, zalım oğlu zalım? Vurub mənim pullarımı belə dağıdır. Atalarının malı deyil. Alnının tərini töküb qazanmayıb ki, qədrini də bilsin. Sabah inşallah o pirkeşiklərin hamısını qovacağam. Mirzə Yusif. Məşədi, bu vaxta görə bir manat çox deyil. Bir girvənkə çörək verməyirlər. Məşədi Qulam. Bir hambal deyil, hər işiniz belədir. Hər cümə axşamı beş-altı onluq xərc olur. Hətta üç manat, a kişi, dilənçi pulu hesabda göstərirsən. Mirzə Yusif. Nə olar ki. Gündə yüz manat, səksən manat qazanmağıma bəs deməyirsən? Məşədi Qulam. Yüz manatın da yeri var. Pulu havayı dağıtmaq olmaz. Qapının dalından zümzümə səsi gəlir. Məşədi Ramazan daxil olur. Məşədi Ramazan: Pərişin türreyi-tərrar, gahi rast, gahi gəc, Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc. Məşədi Qulam. A Məşədi Ramazan, nə olub yenə kefin ərşiəlada seyr edir? (Mirzə Yusifə) Daha axşamdır, get, hesabı sabah çəkərik. Məşədi Ramazan. Buralarda yaramaz yoxdur ki? (Ətrafa baxır.) Məşədi Qulam. Arxayın ol, sözünü danış. Məşədi Ramazan. Sən öl, iş var, nağıl özgədir. Bu gün cuhud qızı ilə barışmışam, ancaq bilmirəm evdə nə bəhanə eləyəcəyəm? Məşədi Qulam. A kişi, bugünkü gün nə gözəl gündür! Allah ömrümüzdən hesab eləməsin. Məşədi Ramazan. Necə, yoxsa sən də barışmısan? Məşədi Qulam. Barışmısan da sözdür?! Bu gün özü mənə kağız göndərib. Amma necə kağız? Hər hərfi yüz milyona dəyər. Yazır ki, mənim sevgilim, Maşaduşkam. Pəh, pəh, pəh... Maşaduşka sənin bir cüt ala gözlərinə Qurban olsun. Yazır ki, mənim sevgilim, Maşaduşkam, bu gecə evdə bir qazan toyuqplov bişitdirib, gətir yanıma; əgər gətirdin, sənə bir cüt öpüş verəcəyəm; gətirməsən, daha gözümə görünmə. Necə yəni gətirmərəm?! Bu canımı toyuq edib plovun başına qoyub qulluğuna gətirrəm. Tapşırmışam, plov hazır olacaq. Ancaq, Məşədi Ramazan, bir əhvalat var. Plovu arvad hazırladı. Əbləh qızı elə biləcək ki, mən də evdə oturub, balalarımı başıma yığıb yeyəcəyəm. Ay hay. Şükür ha. Daha nə bilsin: Şəkkəre Mazandaran, şəkkəre Hindistan, Hər do şirinəst, kocavu, an koca. Bir iş var ki, mən də sənin kökündəyəm. Bilmirəm plovu arvadın əlindən nə tövr alacağam, ay məşədi Ramazan? Heç bir plan tapa bilmirəm. Axı sən bir ağıllı kişisən. Eşq havası mənim gözümü örtüb, ağlım heç bir zad kəsmir. Məşədi Ramazan. Məşədi Ramazanın evini Allah yıxsın. Ay kişi, keçəl dərman bilsə, öz başına çarə edər. (Fikirləşir.) Yavaş, yavaş, deyəsən tapmışam. Məşədi Qulam. De, de, görüm, qoçağım. Mə şədiRamazan. Deyilən Allah rəhmət eləsin. Məşədi Qulam. Kimə? Məşədi Ramazan. Sənin işin yoxdur, deyilən Allah rəhmət eləsin. Məşədi Qulam. Axı kimə? Bəlkə heç rəhmətə layiq deyil? Mə şədiRamazan. Belə məni əkib, adımı Ramazan qoyan ataya. Məşədi Qulam. Allah rəhmət eləsin. Məşədi Ramazan. Atam yadıma düşən kimi dərdimin əlacını tapdım. Məşədi Qulam. De gəlsin, atam sənə Qurban. Məşədi Ramazan (yavuqlaşır). Bax, arvadlara deyərik ki, gedirik axundun qulluğuna, qiraət öyrənməyə. Plovu da, deyərsən, aparıram axund ilə bərabər yeməyə, vəssalam. Məşədi Qulam (bir az fikirdən sonra). Bəs elə isə İndi ağızağıza verib ağlaşsaq necə olar? Mə şədiRamazan. Çox yaxşı olar, başla görək. Məşədi Qulam. Evi yıxılan canım vay! Məşədi Ramazan. Başına daş düşən canım vay! Məşədi Qulam. Bütün ibadəti hədərə gedən canım vay! Məşədi Ramazan. Cəhənnəmə təpəsi üstə salınan canım vay! Məşədi Qulam. Cəhənnəmdə ilanlara, əqrəblərə, gürzələrə xörək olan canım vay! Daldan səs eşidilir. Məşədi Ramazan. İnkir-minkir toppuzu altında əzilən canım vay! Məşədi Qulam (gedir qapıya). Arvad eşidib, əkil. Məşədi Ramazan gedir. Şahpəri (daxil olur). A kişi, nə olub belə ağız-ağıza verib mələşirsiniz? Məşədi Qulam. Arvad, heç soruşma, atamızın evi yamanca yıxılıb. İndicə Məşədi Ramazan burada idi. Dedi ki, bu gün axundun yanında idim. Axund buyurub ki, hər kəs qiraətini bilməsə, min il ibadət edə, elə ona əyilibdüzəlmək qalacaq. Qiyamətdə onun ibadətinə bir qəpik verməyəcəklər. Bəs mən budur altmış ildir ibadət edirəm, Xorasana ziyarətə getmişəm. Bəs necə ola bilər ki, mənim bir belə ibadətim hədərə getsin? İndi Ramazan ayı yavuqlaşır. Əlacım yoxdur. Gərək gedib qiraətimi öyrənəm. Məşədi Ramazan deyir ki, hər gün otaqda otuz-qırx adam qiraət öyrənir. Şahpəri. Plov bişib hazırdır, ye get, nə öyrənirsən öyrən. Məşədi Qulam. Rəhmətliyin qızı, nə qoyub nə axtarırsan? Nə plov, nə dolma, nə fisincan, nə badımcan? Hamısı zəhrimar olsun. Heç zad yeməyəcəyəm. Hamısı zəhərdir. O plovu bir böyük qaba çək, təmiz qab olsun. Toyuğu qoy üstünə, bağla bir təmiz dəsmala, özümlə götürüb aparım axundun qulluğuna. Həm də orada qiraət öyrənim. Plovun qalanının üstünə bir-iki yumurta vur, ver uşaqlar yesin. Mənim boğazım tikilib, bu saat bir qaşıq su da getməz. Şahpəri. Nə deyirəm, a kişi, sən deyən olsun. Novruz bayramından sonra bir dəfə toyuqplov bişib, o da belə. Eybi yoxdur. Məşədi Qulam. Eybi yoxdur, arvad. Gələn cümə axşamı yenə toyuqplov bişirib uşaqlara verərsən. Get plovu çək, gətir bura. Arvad gedir. Məşədi Qulam üst-başını düzəldənə kimi plov gəlir. Şahpəri. Ala, apar. Məşədi Ramazanın qıçı sınsın, gəldi bu gün uşaqların çörəyinə mane oldu, haram elədi. Məşədi Qulam. Elə mən də dedim. Dedim, rəhmətliyin oğlu, bu sözü sabah gəlib mənə xəbər edəydin. Bu gecə balalarım ilə rahat çörək yeyərdim. Boğazım, nə isə, arvad, töküldü (öskürür). Pərvərdigara, günahkar bəndənəm. Özün mənim günahımdan keç. (Gedir, bayırdan səsi gəlir.) Ada fayton! Şahpəri gedərkən oğlu Cahangir gəlir. Cahangir. Ana, atam bu vədə fayton ilə haraya getdi? Xeyirdirmi? Şahpəri. Nə bilim, balam? Dedi gedirəm axundun yanına qiraət öyrənim. Cahangir. Ha... ha... ha... Qiraət! Ay bədbəxt övrətlər. Şahpəri. Necə? Yoxsa bir şey bilirsən? Cahangir. Heç zad bilmirəm. Atam doğru deyir, qiraət öyrənməyə gedib. Çörəyimizi yeyək, sonra çarşabı salarsan başına, düşərsən yanıma. Səni bir baş aparram atamın yanına. Görərsən nə gözəl qiraət öyrənir. Gedək, bədbəxt atamın qiraəti var. Ha... ha... ha... Pərdə * * * İkinci şəkil Vaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu onun boynuna salıb, şərab verir. Na taşa. Bu rumkanı da mənim sağlığıma vur. Məşədi Qulam. İçmirəm, ay məşədinin maral balası, dəxi doymuşam. Na taşa. Mənim sağlığıma içmirsən, mən də səndən küsəcəyəm. Ölsən də sənə öpüş verməyəcəyəm. Məşədi Qulam. İçsəm, öpüş verərsən? Na taşa. Əlbəttə. Məşədi Qulam. Ver bura, ay madam. (İçir.) Bir busə məndən eləmə müzayiqə. Mən səndən etmərəm müzayiqə. Can, di buxaqdan iki busə ver. Na taşa. Sonra.. sonra. Görürəm yuxun gəlir. Gəl uzan təxtin üstündə. Məşədi Qulamı təxtin üstə uzadır. Məşədi Qulam. Əyləş yanımda, başımı al dizinin üstünə. Nataşa (onun pul bumajnikini çıxarır). Deyilən lyublyu. Məşədi Qulam. Loblu, loblu. Na taşa. Əməlli de, lyublyu, lyublyu... Məşədi Qulam. Loblu, loblu. Na taşa. Lyublyu de, maşaduşka. Məşədi Qulam. Loblu... Yenə loblu. Cahangir və Şahpəri gəlirlər. Şahpəri. A sənin üstünə kül tökülsün, belə qiraət öyrənirsən? Hə? Məşədi Qulam (Şahpərinin üstünə gedir). Loblu, loblu... Şahpəri. Allah səni bundan da pis günə salsın. Getdiyin Xorasan sənə qənim olsun. Bu sifət sənin saqqalına yaraşır?! Məşədi Qulam. Arvad, acığın tutmasın. Atanın goru haqqı, sən çox yaxşı arvadsan. Allah sənin atanı sovnarxoz eləsin. Hamısını öyrənmişəm ancaq bir vələzzalin çıxmayır. Valazzalimik... valazzalimik... Şahpəri. Kəs səsini, murdar pyaniskə... Məşədi Qulam. Arvad, sənin canın üçün öyrənmişəm. Yalan demirəm. Yalan deyirəmsə, atanın gorunda qurbağa olum, qur-qur quruldayım. İt olum, ham... ham... mır-mır mırıldayım. Hamısını bilirəm Məsələn, loblu... loblu. Şahpəri. Kül başına, daş düşsün başına, Allah səni yox eləsin! Cahangir (qolundan dartır). Gedək evə, ata. Məşədi Qulam. Valazzalimik, valazzalimik... zındıq oğlu zındıq. Cahangir. Çox gözəl... Çox gözəl. Gedək. Məşədi Qulam. Gözəl öyrənmişəm. Bax, arvad, oğlun səndən çox bilir, deyir gözəl bilirsən. Valazzalimik... Görürsən necə öyrənmişəm! Hə, loblu, loblu. Şahpəri. Allah üzünü qara eləsin! Məşədi Qulam. Loblu... loblu... loblu... Şahpəri. Düş qabağıma, abırsız! Sənə bir lobyə yedirdərəm, ölənə kimi yadında qalar, dadı damağından getməz. Məşədi Qulam (gedərkən). Valazzalimik... loblu, loblu... Məşədi Qulamı aparırlar. Nataşa onların dalınca baxır, sonra gülə-gülə qayıdır, əlində də Məşədi Qulamın pul bumajniki. * * * == Qadınlar bayramı == Qadınlar bayramı (8 Mart) İki pərdəli pyes İştirak edənlər: Zaman } Feyzi } kəndlilər Balakişi } Hadi } Cahan – Zamanın arvadı Növrəstə – Zamanın qızı Birinciqadın } İkinciqadın } Cahanın qonaqları Sairqadınlar } Ahılqadın Birinciqız } kənd qızları İkinciqız } Cabbar – müəllim Mərkəzdən gəlmiş nümayəndə Qadınlar, qızlar, pioenerlər, məktəb uşaqları, cavanlar, kənd əhalisi * * * Birinci pərdə Əhvalat Azərbaycan kəndlərindən birində vaqe olur. Qolçomaq Zamanın evində kəndin hampalarından bir neçə nəfər əyləşmişlər. Zaman. A kişilər, biz hamımız bu saat binamus olmuşuq! Bundan sonra biz adımızı kişi qoyub başımıza papaq geyib, el içinə çıxa bilməyəcəyik. Arvadları gətirib mİndiriblər bizim boynumuza. İmdi, odur, qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Bu yazıqcığaz başı qapazlı, qoyun kimi arvadların hər biri qızmış şirə dönüb, düşüblər bizim canımıza! Üstlərinə əl qaldırsan, deyir, bu saat gedib şikayət elərəm, səni tutub qazamata salarlar! Feyzi. Canım, heç zad deyil, yəqin dünyanın axırıdır! Bundan qabaq toyuq xoruz kimi banlayanda başını kəsirdilər. İmdi toyuqlar hamısı xoruz olublar. Gərək İmdi də xoruzlar yumurta üstündə cücə çıxardalar. Ba lakişi. Yumurta üstündə yatıb cücə çıxartmaq bu saat elə mənim peşəmdir. Bir də gördün ki, arvad deyir: a kişi, sən uşaqlara muğayat ol, bu gün nümayəndə iclasına, nə bilim, savad kursuna, nə bilim haraya gedəcəyəm. Deyirəm, a mürtədin qızı, mən uşaq saxlamağı nə bilirəm? Mən inək sağmağı nə bilirəm? Budur, çuxam dağılıb, bu gün oraya getmək əvəzinə, xana qurub mənə bir çuxalıq şal toxu. Cavabından gör mənə nə deyir: mən seçilmişəm, vəzifəmdir ki, gərək gedib işləyəm. Sən də mənə mane ola bilməzsən! Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Hadi. Mənim arvadımı hamınız tanıyırsınız. Allahın ağzı otlu bir heyvanı idi. Hamı deyirdi ki, mələsə, əti halaldır. Başına yüz qapaz vursaydın, yuxarı baxmazdı. Bir gün orucunu yeməzdi, namazını keçirməzdi, həmişə də deyirdi ki, a kişi, sən atanın goru, məni bir Xorasana apar, gedim ağamı ziyarət edim. İmdi namazın da, orucun da vaxtını yadından çıxarıbdır. Axmağın qızı, nənəm yaşına çatıb, İmdi başlayıb ki, dərs oxuyuram. Şurada gedib çalışacağam. Elə bil ki, bu kəndin kişiləri şuranın işlərini onsuz apara bilməyəcəklər. Zaman. Yox, canım, buna bir təhər çəkmək lazımdır. Arvad cəhənnəm, pisdir, boşarsan gedər işinə. Bundan da yaman dərdimiz var. Arvadlara baxıb qızlarımız da pis öyrənirlər. İmdi qızların hərəsi qoltuğuna bir kitab vurubdur ki, dərs oxumağa gedirəm. Qızlarımız da oxudular, molla oldular, işimiz bitdi. Başlayacaqlar cavan oğlanlara kağız yazmağa, onda gəl eşşəyini palçıqdan çıxart da! Arvad, atanın gorunu sevirsən, arı, namusu yemisən, Allah əzabını versin, barı bu qızları rahat qoy, məni binamus eləmə! Deyir, axmaq danışma, köhnə fikirləri başından çıxart, qızla oğlanın nə təfavütü var? Qız da oğlan kimi insan deyilmi? O da istəməzmi ki, açıq gözlə dünya işığına baxsın? Bilmirəm mürtədin qızı bu dilləri haradan öyrənibdir? Məni belə danışığa basır ki, lap mat qalıb, cavab da verə bilmirəm. Feyzi. Bir gün arvadı çağırıb dedim, ya arvad, gəl əyri oturaq, düz danışaq. Sən bilmərrə abrı, həyanı qurşağına düyünləmisən. Mən də olmuşam binamus. Gündə bir qaçırsan sobranyalara, yığıncaqlara, nəmənəqomlara, adlarını da dilim tutmur. O günləri də deyir ki, gedib şurada kişilərin içində danışırmış. İmdi ki belədir, deyirəm, elə birdibli boşan get! Ondan sonra nə qələt eləyəcəksən, özün bilərsən. Deyir, çox danışma, boşanmaq lazım olsa, sənə deyərəm. Deyirəm, ay ala donquzun qızı, səni boşamaq ixtiyarı məndədir, ya yox? Deyir, onlar keçmiş ola! O sənin şəriətİndir. Deyirəm, arvad, şəriətə də şəkk gətirirsən? Deyir, bu şəriəti yazan hamısı kişilərdir, arvadlar yazsaydılar, belə yazmazdılar. Zaman. Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur. Durun, buradan hamımız gedək molla Xəlil axundun yanına. Yenə o bizdən ağıllıdır. Görək nə məsləhət görəcək. Bu tüstü bir bizim bacamızdan çıxmır, hamının bacasından çıxır. Ba lakişi. Pis məsləhət deyil. Axır, ay Zaman kişi, bir buraya bir işdən ötrü gəlmişik. Zaman. Necə iş, xeyir ola? Ba lakişi. İnşallah xeyirdir. Şər düşmənin qapısından girsin. Sən bu Hadi kişini necə tanıyırsan? Zaman. Hadi kişini kim tanımır? Bunun kimi düz, doğru adam harada tapılar? Ba lakişi. Çox gözəl. Atan rəhmətlik. Bunun oğlu Qədimi necə görürsən? Zaman. Niyə, yaxşı oğlandır. Əkən, tökən, qoçaq, əlindən hər iş gələn oğlandır. Allah öz pənahında saxlasın. Ba lakişi. İmdi bizim buraya gəlməyimizdən qəsdimiz budur ki, Hadinin oğlu Qədimi sənə oğulluğa verək. Sən də gərək bizim sözümüzü yerə salmayasan. Bir qız əvvəl-axır bir oğlana qismət olasıdır. Hadidən yaxşı qohum, Qədimdən yaxşı yeznəni də sən tapmayacaqsan. Zaman. Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Yaxşı, başıaşağı, həyalı oğlandır. Hadi də nəinki öz kəndimizdə, hətta cəmi mahalda abırlı bir adam sayılır. Ancaq, izin verin, bir qızın anası ilə də danışım. Onun da ürəyini bilim. Sonra sizə cavab verərəm. Keçən vaxtlar olsaydı, dinməzsöyləməz deyərdim: “Allah xeyir versin!”. Amma İndi özünüz arvadların xasiyyətlərinə bələdsiniz. Kişinin bir sözünə otuz bir cavab verirlər. Ba lakişi. Nə eyib elər, arvadınla da bir danış. Yəqin onun da bir sözü olmayacaq. Hadi. Eybi yoxdur, danış, sabah cavabına gələrəm. Ba lakişi. Inşallah, əliniz yaxşı yağa bulaşar. İmdi qalx, Zaman kişi, düş qabağa, gedək, görək axund bizə nə yol göstərəcək. Zaman. Siz yavaş-yavaş gedin, mən də daldan gəlib sizə çataram. Qonaqlar bir-bir çıxırlar. Ba lakişi. Qırılasınız sizi, ay arvad tayfası! Feyzi. Toxumunuz kalana düşsün, kalana da bir od. Zaman. Amin, ya rəbbi! (Qonaqları yola salıb, qayıdır.) Cahan (daxil olur). Kişi, yenə dost-aşnalarını başına yığmısan, xeyirdirmi? Zaman (şuxluqla). Sən hər gün gedib, sobranyalarda şaftalı tabağı kimi ortalığa atılıb reç oxuyursan, biz də dul, sahibsiz adamlar kimi bir yerə yığışıb öz günümüzə ağlayırıq. Deməli, buna da gərək sizdən izin istəyək? Cahan. A balam, ağlamalı günlər keçdi. İmdi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir! Zaman. Zarafat qalsın kənarda, bir gəl otur, sənə bir neçə deməli sözüm var. Cahan. Əgər yenə mənimlə şəriətdən, zaddan danışacaqsan, boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma. Zaman. Yox, şəriətdən danışmayacağam. Sən bir yolluq buğda yeyib cənnətdən çıxmısan. Mən də danışmaqdan yorulmuşam. Otur, ayrı söhbət var. Cahan (oturur). Di oturdum, buyur görək. Zaman. Bu kişilər bilirsən nə üçün gəlmişdilər? Cahan. Yox, bilmirəm, söylə sən bilərəm. Zaman. Bunlar elçiliyə gəlmişdilər. Bizim Növrəstəni Hadinin oğlu Qədimə istəyirlər. Cahan. Yəqin sən də dedin “Allah xeyir versin!”. Beləmi? Zaman. Elə onun kimi bir iş oldu. Dedim sənə gənəşməsəm qurtaran cavab verə bilmərəm. Hadinin oğlu bir yaxşı oğlandır. Hadi də hər bir yerdə sayılan bir adamdır. Cahan. Hadi də yaxşı kişidir, oğlu da yaxşı oğlandır. İmdi mən də səndən bir şey soruşum. Bircə de görüm ki, sən göydən düşmüsən, yoxsa o dünyadan gəlmisən? Axmaq kişi, budur, tamam on ildir, dörd ətrafında çəkic vururlar. Sən deyirsən, bu nə taqqatuqdur? Vay sənin başına daş düşsün! Yaxşı, Hadinin oğluna sən ərə gedəcəksən, yoxsa mən? Zaman. Nədir, yoxsa dediyin budur, mən on beş yaşında qızla məsləhətə oturum? Elə bircə bu qalmışdı, arvad! Atamın goru haqqı, məni cana doyduracaqsan, axır bir gün səni də öldürəcəyəm, uşaqların da bir-bir başlarını kəsəcəyəm. Qoy ondan sonra məni də aparıb güllə qabağına qoysunlar. Daha bu yerədək adamı saymamazlıq olmaz ki! Lap bir belə ağ eləmək olmaz ki! Ata olasan, öz qızını ərə verməyə ixtiyarın olmasın? Bu hansı şəriətdədir, hansı zakondadır? (Papağını başından götürüb yerə çırpır.) Ay sahibsiz qalasan belə papaq! (Cahan qəhqəhə ilə gülür.) Niyə gülürsən, ay mürtədin qızı?! Cahan. Nəticəsini görərsən! (Çağırır.) Ay Növrəstə, ay Növrəstə!.. Növrəstə (daxil olur). Nə deyirdin, ana? Cahan. Atan səni Qədimə vermək istəyir, nə deyirsən? Zaman (Növrəstəyə). Ay qız, çəkil buradan cəhənnəmə! (Cahana) Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan? Növrəstə. Ata, hələ mən dərs oxuyuram, elə ki oxudum qurtardım, bəyəndiyim oğlanların birisinə də gedərəm. Bir də, ata can, qoyun satmırsan, keçi satmırsan. Məndən xəbərsiz məni necə ərə verirsən? Zaman (qəzəbli). Axmaq qızının danışığına bax! Doğru deyiblər, anası çıxan ağacı balası budaq-budaq gəzər! Belə anadan belə qız törəyəcəkdir! Zamananız dağılsın! Sizə tərbiyə verənin evi yıxılsın! Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Oturarsan evdə, qapıdan çölə çıxarsan, durub qıçını sındıraram. Gəlib sənin o kitablarının hamısına od vuracağam! Bir də uşkola adı çəksən, dilini tutub dibindən kəsəcəyəm. Çəkil buradan, bihəya! Növrəstə. Kəndin qızları hamısı oxuyur. Mən də oxuyacağam. Sənin də məni məktəbdən çıxarmağa heç ixtiyarın yoxdur. Zaman. Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Budur, gedirəm axundun yanına, orada mən sənin kəbinini Hadinin oğlu Qədimə kəsdirərəm. Onda sənin bu uzun dilin gödələr! Cahan. Zakon on beş yaşında qızı ərə verməyə ixtiyar vermir! Zaman. Zakon ixtiyar vermir, şəriət ixtiyar verir. A mürtədin balaları, mənim atalıq ixtiyarımı əlimdən aldınız, namusumu tapdaladınız, şəriətimi də əlimdən alacaqsınız?! Şəriət doqquz yaşında qızları ərə verməyi rəva görür, qurtardı getdi. Mənim qarşıma zakon çıxaranların qarşısına şəriət çıxardaram. Görək kim güclüdür! Növrəstə. İşin yoxdur, ana, qoy nə bilir eləsin. O, axundun yanına gedər, mən də kənd şurasının. Ondan sonra kim güclü olduğun baxıb görərik. Dur, ata, buyur axundun qulluğuna! Zaman. Gedərəm də, sənin o qurd düşmüş dilini də yaxşı kəsərəm! (Durur.) Növrəstə. Get, get!.. Zaman (gedə-gedə). Laməzhəb uşağı laməzhəb. İmdi sizə əlimin suyunu göstərərəm (Cəld çıxır.) Cahan. Qoçaq qızım, yaxşı cavab verdin. Növrəstə. necə eləyim, ana? Bir də görəcəksən gəldi qapını bağladı. Bir gecədə götürüb bir axmağın birisinin tərkinə atdı. Bu saat gedib kənd şurasına deyəcəyəm ki, atam məni oxutmaq istəmir, özümü də ərə verir. (Gedir. Qapı açılır, beş-altı nəfər qadın içəri daxil olurlar). Cahan. Nə var, ay arvadlar, xeyirirmi? Birinciqadın. Xeyir olmamış nə var? Sənin canın üçün, bütün kəndin arvadlarını görmüşük. İmdiyədək yatdıqları bəsdir, gərək hamısı bugünkü seçkiyə getsinlər. Daha bir nəfər “ay mən uşaqlarımı yiyəsiz qoyub camaat işlərinə məşğul ola bilmərəm” demir. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. İkinciqadın. Elə ki, məni də istədilər aparıb iş üstə qoysunlar, yalvardım, dedim amandır, məni uşaqlarımdan ayırmayın. Mənim balalarım gözümün qabağında olmasalar, bir dəqiqə rahat ola bilmərəm. Axırı olmadı, əl çəkmədilər, aparıb qadınlar şöbəsində oturtdular. Mən camaat işinin, camaat qulluğunun belə şirin olduğunu bilmirdim. Qadınlardanbirneçəsi. Belədir, həqiqət belədir!.. Cahan. İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Gərək biz də öz bacarığımızı göstərək. Kənd şurasına qadınlardan bir neçə nəfər üzv seçək. Bacarsaq, şura sədrini də qadından seçək! Qadınlar. Cahan xala düz deyir, belə də edilməlidir! Cahan. Kəndimizin məktəbi yoxdur, bulağı yoxdur. Bu seçkidə ən bacarıqlı və qanacaqlı adamları şuraya seçməliyik ki, bu məsələləri həyata keçirtsinlər! Camaatın qara su içməkdən hamısının qarnı şişibdir. Çalışıb kəndə bir bulaq suyu gətirtmək lazımdır. Arvadlarımız Bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Aya, bir yer lazımdırmı ki, işə gedən arvadlar körpə uşaqlarını aparıb orada qoysunlar? Bundan ötrü də çocuq yaslisi açmaq lazımdır. Hamı. Bu hər şeydən vacibdir. Cahan. Hər yerdə qiraət koması açılır, amma biz İmdiyədək onun adını eşidib, üzünü görmürük. Yağış yağandan sonra küçələrimizdə yerimək olmur. Heç olmasa kəndin bir küçəsini də daşlamaq lazımdır. İkinciqadın. Cahan xala gözəl danışır. Biz gərək hamımız birləşib, bizə verilmiş ixtiyaratdan tamamilə istifadə edək. Qoy görsünlər ki, biz də iş bacarırıq. Gərək bacardıqca seçkidə çox qadın keçirək. (Cahana) İmdi bilirsənmi, Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmişik. Biz çalışacağıq da, məramımıza da çatacağıq. Biz səni kənd şurası sədrliyinə namizəd seçmişik. Sən də gərək boyun qaçırmayasan. Cahan. Mən camaat qulluğundan, özünüz bilirsiniz, qaçmamışam və qaçmaram da. Amma bir şey var, mənim yaşım qırx beşi adlayıb. Aranızda qoçaq, işbilən, savadlı qadınlar var, onlardan birinin namizədliyini qoyun. İkinciqadın. Yox, Cahan xala. Gərək bizim sözümüzü yerə salmayasan. Sən bizim savadlılarımızdan artıq iş görə bilərsən və halonki savadsız qadınlar üçün gecə kursları açıb, tamam savadsız qadınları savadlandırarıq. Cahan. Baş üstə, siz istəyəndən sonra mənim də sözüm yoxdur, razıyam. Ancaq seçki yavuqlaşır, gərək kənd arvadlarının hamısının ağızlarını bir yerə yığasınız. İkinciqadın. Bu barədə arxayın ol. Kəndin cavan, qoca qadınları hamısı bir dil, bir ürəklə seçkiyə gedəcəklər. Cahan. Çox gözəl! Yaşasın çalışqan kənd qadınları! Hamı. Yaşasın qeyrətli Cahan xala! İkinciqadın. Salamat qal, Cahan xala, biz də gedən işimizdə olaq. Arvadlar gedirlər. Növrəstə (tələsik daxil olub). Ana, getdim kənd şurasına xəbər verdim. Onlar da adam göndərib atamı mollanın evindən çağırdılar. Özünə də dedilər ki, əgər qızının oxumağına mane olasan, ya onu özündən bixəbər ərə verəsən, səni tutub qazamata salacağıq. İmdi budur, hirsli gəlir. Mən qaçıb gizlənəcəyəm. (Çıxır.) Zaman (daxil olur). Məramına çatdın, arvad. Bundan sonra sən çal, mən də oynayım. (İstehza ilə) Anlamamışam, qələt eləmişəm, cənab Cahan xanım, bağışla məni, taqsırlarımdan keç! (Qeyzlə) Məlun uşağı məlun! Namusumu əlimdən aldınız. (Hirsli, papağını yerə çırpır.) Alın, bu da papağım! Pərdə * * * İkinci pərdə Kənd meydançası. Evlər qırmızı bayraqlarla müzəyyəndir. Bir tərəfdə qiraət koması. Qiraətxanadan kəndlilər çıxır və oraya daxil olurlar. Müqabilində qırmızı parçalara bükülmüş su budkası. Dəstə-dəstə uşaqlar orada-burada oynaşırlar. Su budkasının yanında yekə bir daş. Növrəstə budkanı bəzəməkdədir. Neçə nəfər ahıl və cavan qadınlar, arxalarında sənəkləri, gəlib səhnədən keçmək istəyirlər. Növrəstəni görüb dayanırlar. Ahılqadın. A bala, Növrəstə, bu nə xəbərdir? Kənd belə bəzənməkdə kimi gözləyir? Növrəstə. Heç kimi. Bilmirsən ki, bu gün martın səkkizi və qadınların bayramıdır? Axşamdan hamıya xəbər verilməyibdirmi? Ah ılqadın. Xəbər verilibdir, ancaq hər martın səkkizində bayram olursa da, bu cəlalla olmur. Bugünkü başqa cəlaldır. Dedim bəs Bakıdan qonağımız gələcək. Növrəstə. Qonağımız da gələcək. Amma bir iş var, İmdiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Onlar heç vaxt qəbul eləməzdilər ki, qadınlar başıaçıq meydanlara çıxıb bayram saxlasınlar. İmdi qadınlar da iş başındadırlar. Bugünkü bayramımızı şərafətlə keçirməliyik. Qayıdın geri, sənəklərinizi qoyub, buraya cəm olun. Ah ılqadın. Necə qayıdaq? Evdə bir içim su yoxdur. Növrəstə. Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Dünən bu barədə elan olunmuşdu, eşitmədinizmi? Ah ılqadın. Vallah, Cahan hər işləri düzəldir, qoçaq arvaddır. Başqabirqadın. Onun qoçaqlığını ondan bil ki, bu yaşında, üçdörd ayın içində savadlandı. İmdi yazır, oxuyur. Hər gün ona Bakıdan qəzet gəlir. Ahılqadın. İmdi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Budur, bu ilin içində gör kəndi necə abad eləyibdir. Növrəstə. Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər. Amma İmdi şura məktəblərində təzə əlifba ilə dərs verirlər. Bir aydan sonra, görərsən, adam gül kimi oxuyub-yazır. Ahılqadın. Mən də oxumaq istərdim, ancaq ərimdən qorxuram. Növrəstə. Mən sənə İndidən deyim, heç qorxma. Sən məktəbə bir ərizə yaz ver, ondan sonra işin yoxdur. Ərin mane olsa, mənə xəbər ver. Ah ılqadın. Səni boya-başa çıxasan, ay belə qız! Günü sabah ərizə verəcəyəm. Bəs ərizəmi kim yazacaq? Növrəstə. Gələrsən, mənim özüm sənə ərizə yazaram. Ahılqadın. Çox gözəl. Səni görüm ağ günə çıxasan. Növrəstə. Di haydı, qayıdın geri, sənəklərinizi evinizdə qoyub, qayıdın buraya. Sonra gəlib buradan gözəl şirin su apararsınız. Qadınlar. Gedək, gedək. Sağ olsun Cahan xala! Gedirlər. Neçə nəfər məktəb qızları Növrəstənin yanına gəlirlər. Birinciqız. Yoldaş Növrəstə, bizi niyə çağırmırsan, gələk sənə kömək eləyək? Sən tək bunu nə vaxta qurtaracaqsan? Növrəstə. Nə bilim, zəhmət vermək istəmədim. İkinciqız. Zəhmət nədir, bayramımızdır, gərək işləyək, təntənəli keçsin. Qızlar, gəlin. Hamı birlikdə başlayırlar budkanı bəzəməyə. Bu halda üç nəfər on altı-on yeddi yaşlarında oğlan gəlir. Cabbar. Yoldaşlar, bizə də bir iş verin, sizə kömək eləyək. Nərdivana dırmaşmaq, çəkic vurmaq qadın işi deyil. Birinciqız. Niyə deyil? Qadın sizdən acizdir? Cabbar. Biz “acizdir” demədik. Hər kəs öz işində gərək mahir olsun. (Növrəstəni görür.) Ay qız, Növrəstə deyilsən? Böyüyüb yekə qız olmusan. Üç ildir səni görmürəm. Mən gedəndə balaca, bu boyda bir qız idin. Növrəstə. Sən də Salman əminin oğlu Cabbar deyilsən? Cabbar. Yaxşı tanıdın. Məni buraya, öz kəndimizə müəllim təyin ediblər. Cahan (daxil olur). A qızlar, cəld olun, qurtarın, vaxta az qalıbdır! Növrəstə. Bu saat, ana can, görmürsən nə qədər köməkçim var? Ana can, bu oğlanı da tanıyırsanmı? Salman əminin oğlu Cabbardır. Burada təzə açılan məktəbə müəllim təyin eləyib göndəriblər. Cahan. Çox yaxşı olub. Xoş gəlmisən, bala! Ümidvaram ki, kənd balalarına qaydasınca təlim verəcəksən. Cabbar (əl verir). Əlimdən gələn səyi eləməyə hazıram. Hadi, Balakişi, Zaman gəlib səhnədən keçirlər. Zaman vəziyyəti görüb, qızını çağırır. Zaman. Növrəstə, buraya gəl. (Növrəstə gəlir.) O danışdığın oğlan kİmdir? Növrəstə. Salman əminin oğludur. Təzə müəllim gəlibdir. Zaman. A mürtədin qızı mürtəd, Salmanın oğlu sənin qardaşındır, əmin oğludur, dayın oğludur?! Onunla nə laqqırtı vurursan? Növrəstə. Ata, danışanda məgər bir xata olar? Zaman. Xata da olar, ötər də. Gələrsən evə mürtədin qızı. Bədəninə dağ basmasam, atamın oğlu deyiləm. Məni sən cana doydurdun! Cahan (yavuqlaşır). A kişi, uşaqdan nə istəyirsən? Nə qışqırtı salmısan bu meydana? Zaman. Uşağın atasının cəmdəyinə min lənət! O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin! Özün şura sədri olmusan, nə olmusan, sən bilirsən, daha bu uşağın abrısını tökmə. Cavan qız sənin gözünün qabağında oğlanlarla danışır, sən də durub tamaşa eləyirsən. Ay arvad, heç olmasa bir insafın olsun. (Qızına) Gələrsən evə mürtədin qızı, görərsən nə divan tutacağam! Cahan. Kişi, dinməz-söyləməz get evə. Mənim xatirim üçün camaat sənin hörmətini saxlayır, sən də yolundan, izindən çıxma! Zaman. Gedirəm, sözüm yoxdur. Vaxta ki namus gedir, qoy kökündən getsin. Hadi, Balakişi, gedək! Cahan, Növrəstə budkaya qayıdıb, işə məşğul olurlar. Hadi. A kişi, qanını xarab eləmə. Gəl gedək Molla Xəlilin yanına söhbətə. Gedirlər. Cavanlar budkanın bəzəyini qurtarıb çəkilirlər. Növrəstə və Cabbar söhbət edə-edə mehriban gedirlər. Səhnənin sağ tərəfində bir dəstə pioner baraban çalaraq gəlib bir tərəfdən nizamla dayanırlar. Sol tərəfdən məktəb uşaqları – qızlar və oğlanlar qarışıq, qabaqlarında bir dəstə aşıq, əllərində bayraq, daxil olub bir tərəfdən dayanırlar. Bir dəstə kənd qadınları və kişilər də gəlib dayanırlar. Iki-üç dəqiqədən sonra iki nəfər kişi, bir nəfər qadın çıxırlar. Dallarınca Cahan gəlib sədarətdə əyləşir. Cahanı gördükdə hər tərəfdən alqış qalxır. Cahan (sakitlik bərpa olandan sonra ayağa qalxır). Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. (Alqış) Bu gün cəmi dünyanın zəhmətkeş qadınları üçün əhəmiyyətli bir gündür. Bu gündə dünyanın hər tərəfindən, əziyyət, məşəqqət, təzyiq altında qalan, evlərdə dünya işığına həsrət qalıb qara qul mənziləsində olan, fabriklərdə, zavodlarda gündə on iki saat və daha da işləyib qarınları dolusu çörəyə əlləri çatmayan zəhmətkeş, sərhədlərə, fəsillərə baxmayıb əllərini şura işçi-kəndli qadınlarına uzadırlar. Bu gün onların hamısına işıqlı bir günün, gələcəyin müjdəsini verir. Yaşasın Şuralar İttifaqı! Yaşasın fəhlə-kəndli birliyi! Yaşasın Səkkiz mart günü! (Hamı əl vurur, çalğıçılar çalırlar. Pionerlər barabanlarını vururlar. Cahanın əlinin işarəsilə hamı sakit olur.) Söz verilir mərkəzdən gələn yoldaşımıza! Əyləşən kişilərdən biri qalxır ayağa, hər tərəfdən alqış. Mərkəzdəngəlmişnümayəndə. Yoldaşlar! Mən torpaq komissarlığı tərəfindən buraya nümayəndə sifəti ilə gəlib, həmin komissarlıq tərəfindən sizin iki bayramınızı təbrik edirəm. (Alqış) Birinci bayram keçirməkdə olduğunuz qadınlar günü, martın səkkizi. İkinci bayram, əhalinin qızdırma xəstəliyi kimi ağır bir naxoşluğun əlindən qurtarması bayramıdır. Yoldaşlar! Siz İmdiyədək içdiyiniz iki arşın dərinlikdən çıxan quyu suyu idi. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olar. Bu gün kəndə şirin bulaq suyu axacaq və bu suyun səbəbinə sizin içinizdən dediyim azar götürülər. Bu suyun kəndə gətirilməsi, tək şuranın və bir də bu şuranın sədri olan Cahan yoldaşın səyi və ciddiyyəti nəticəsidir. Ona görə üzümü ona tutub deyirəm: yaşa, Cahan xala! (Alqış, dəf, balaban.) Yoldaşlar! Azərbaycanda şura hökumətinin səkkiz ili yavuqlaşır. Yeddi il bundan əqdəm Azərbaycanda savadlı qadın tək-tək tapılardı. Şərq qadınlarının arasında yoldaş Cahan və sair kimi fəal qadınlar çıxırlar. Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar İmdi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar və kişilərlə bərabər, artıq fəaliyyət göstərirlər. Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! Alqış, dəf, balaban. Cahan ( ayağa durur). Yoldaşlar! Cəmi əhali tərəfindən, buraya nümayəndə göndərən torpaq komissarlığına izhari-təşəkkür edirəm. (Alqış) Mən bu bulaq məsələsi üçün neçə dəfə mərkəzə getdim. Komissarlıqların hamısından məhəbbət gördüm. Biz qadınlar İmdiyədək kişilərin ayaqları altında əzilirdik. Bizi işləməyə qoymayıb, adımızı bacarıqsız qoyurdular. Şura hökuməti sayəsində bizlər də əlimizdən gəldiyini meydana çıxara bilirik. Nümayəndə yoldaş məni tək göstərdi. Amma mən tək işləmirəm. Bütün şura üzvü olan qadınlar və kişilər də bu işlərdə mənə köməkçidirlər. Onların köməyi ilə, hökumətin müavinəti ilə, budur, kəndə təmiz şirin su gətirmişik. İkinci, bir məktəb açmışıq. Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yaslı bina etmişik. Kənddə mama yoxluğu hiss edilirdi. Qızlarımızdan birisini göndərmişik ki, mərkəzdə oxuyub, bu işi öyrənib gəlsin. Bir az müddət içində biz bu qədər iş görmüşük. (Alqışlar) Mərkəzdəngəlmişnümayəndə (qayçını alıb enir). Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. (Lenti kəsir.) Su başlayır axmağa. Uşaqlar internasional oxuyurlar. Ondan sonra halay vururlar. Cavanlar oynayırlar. Qızlardanbiri. Ay uşaqlar, Cahan xalanı ortaya çəkin! Gərək onu da oynadaq! (Bir nəfər Cahanı ortaya çəkir.) Cahan xala gərək oynasın! Cahan. Belə bayramda oynamamaq günahdır! (Oynayır.) * * * == Kamran == Kamran Beş pərdə, on səkkiz şəkildə İştirak edənlər: HacıMirzəƏhmədağa – müctəhid. HacıKamyab – dövlətli tacir Bibixatun – onun arvadı Gövhərtac – onun qızı İbrahim – baqqal, Hacı Kamyabın qardaşı Cahanbanu – onun arvadı Kamran – onun oğlu Xudayarxan – adlı-sanlı xan Firidunxan – onun oğlu MirzəMehdi – həkimbaşı Cahanbəxş } Fəramərz } Kamranın yoldaşları Xurşid } KərbəlayıMədəd – Kamranın dayısı. KərbəlayıQafar SeyidCabbar Səyyahvəonunqadını HacıXudadadvəonunarvadı HacıRzavəonunarvadı Qoca və cavan kəndlilər, qızlar və qadınlar, katib və mirzələr, amil, nökər,qulluqçu və kənizlər, məşşatə, minacatçı və b. * * * Birinci pərdə Birinci şəkil İranda böyük şəhər meydanı. Güclü izdiham. Qoca və cavan qadınlar və kişilər Hacı Mirzə Əhməd ağanın gəlib keçəcəyinə müntəzirdir. Uzaqdan azan səsi eşidilir. Neçə nəfər carubkeş (süpürgəçilər) yolu süpürməkdədirlər. Birnəfərcavan (bir qocaya). Əmi can, bu süpürgəçilər nə üçün böylə ciddi-cəhd ilə küçəni süpürürlər? Küçənin bu səhər süpürülüb sulandığını gözümlə gördüm. Qoca. Bala, müctəhid ağa indi gəlib buradan məscidə gedəcəkdir. Küçəni süpürməkdən məqsəd budur ki, ağanın ulağının ayağının altında qarışqalar qalıb qırılmasınlar. Ağanın mübarək vücudundan bir zinəfsə, hətta qarışqaya da gərək əziyyət və azar toxunmasın. Eşitməyibsənmi Firdovsi yazır: Meyazar muri ki danəkeş əst, ke can barədə cane şirin xoş əst. Cavan. Eşitmişəm, bilirəm gözəl kəlamdır. Ancaq bir məsələ var, onu mənə başa salın. Qoca. Nə məsələdir? Cavan. Ağa məscidə gedib qayıdınca, onun ulağının ayaqlarının altında çox olsa bir əlli, yüz qarışqa tələf olacaqdır. Amma bu süpürgəçilər bir süpürgə vurduqda neçə yüz qarışqa tələf edirlər. Buna nə deməli? Qoca. Bala, belə yerlərə əl aparmaq küfrdür. Bu sirləri ağa sizdən yaxşı bilir. Cavan. Bağışlayın, əmi can, mən bunu gözə pərdə çəkmək hesab edirəm. Qoca. Nə danışırsan? Müctəhid Hacı Mirzə Əhməd ağa məgər gözlərə pərdə çəkəndir? Oğul, cavan vaxtında imanını yelə vermə. Belə sözlər cəhənnəmi satın almaqdır. Xahiş edirəm mənimlə daha söhbət etməyəsən. Get, bala, məni tək burax. Cavan. Baş üstə, gedirəm, bağışlayın. (Gedir.) İkinciqoca (birinciyə). Nə üçün o cavan sənin qeyzini tutdurdu? Birinciqoca. Bu barədə danışmasaq yaxşıdır. Bu əyyamın cavanları hamısı dini, məzhəbi unudublar. Namaz qılmazlar, oruc tutmazlar, ülamə haqqında hər bir hədyanı söylərlər. Hörməti bir yana yetiribdir ki, Hacı Mirzə Əhməd ağanın haqqında nalayiq sözlər danışır. Bu yəqin ya babıdır, yainki Rusiyada bolşeviklər ilə yoldaşlıq edib, dinindən, məzhəbindən çıxıb qayıdanların birisidir. Qovdum getdi. Belə şəxslərin sözünü eşidən qulaqlardan qiyamətdə əqrəblər yapışar... Əstə fürullahə rəbbi və ətubi ileyh. İkinciqoca. Əstəğfürüllahə rəbbül aləmin. Xudavənd-aləm özü bu camaatın fəryadına yetişsin. İki qadın qocaların danışığı əsnasında əllərini ölçərək qızğın söhbət edirlər. Birinciqadın. Ay bacı, bu danışdığın əhvalatı öz gözünlə gördün? İkinciqadın. Yalan deyirəmsə, bu gözlərimin ikisi də bir gündə kor olsun. Istəyirsən bir gün gəl bizə, həmən Xanbacını çağırım, özü sənə nəql eləsin. Deyir gəlinimin üç il idi uşağı olmayırdı. Oğlum Dən daşıyan qarışqaya əziyyət vermə, çünki onun canı var, can da şirindir. da deyirdi ki: bir il də saxlayacağam, övladı olmasa, boşayacağam. Deyir müctəhid ağa məscidə gedəndə ulağının ayağının altından bir ovuc torpaq götürüb gətirdim evə, suda çalıb sürtdüm gəlinin göbəyinə. Bir il keçmədi gül parçası kimi bir oğul doğdu. Uşağın da adını deyir Əhməd qoymuşam. Xanbacı qonşumdur. Uşaq da axşamadək gözümün qabağında oynayır. Üçüncüqadın (bunlara yavuq gəlib, birinciyə). A bacı, sən heç bunun (ikinci qadını göstərir) sözlərini qəribliyə salma. Ağanın kəramətinə Qurban olum. Onun oxuduğuna mənim atam, anam Qurban. Mənim özümün gözlərim xarab idi. Göstərməmiş həkim qoymadım. Axırda bir iman yiyəsi olmuş dedi: “Ay qız, gözlərini niyə kor eləyirsən və nahaq yerə niyə belə pullarını həkimlərin ciblərinə doldurursan? Get cümə günü Hacı Mirzə Əhməd ağa məscidə, camaat namazına gedəndə ulağının ayağının altından torpaq götür. Gətir bir az təhvil suyuna çal, tök gözünə”. Elə də elədim. İndi gözlərim görür. Onun qədəmlərinə mənim bu canım Qurban. Onun ulağının ayaqlarının altında Allah mənə ölüm versin. Uzaqdan salavat səsi eşidilir. Camaat hərəkətə gəlir. Neçə nəfər fərraş, əllərində ağac, peyda olub, camaatın arasından yol açırlar və qışqırırlar: “Kənar olun, yol verin”. Camaat yol verir, salavat səsi gəldikcə yavuqlaşır. Müctəhid Hacı Mirzə Əhməd ağa ağ ulağa savar olmuş, məiyyətində neçə nəfər molla və şəhərin tacirlərindən, o cümlədən Hacı Kamyab görünürlər. Qabaqda bir nəfər minacatçı iki əlini qulaqlarına qoyub salavat çəkir. Minacatçı: Yazılar nameyi-emalına yüz min Həsənat, Deyə hər kimsə bir övlad Məhəmməd, səlavat. Camaat (hamılıqla). Salavat! Minacatçı. Məhəmmədi-ərəbi xətmi-ənbiya, salavat! Camaat (hamılıqla). Salavat! Minacatçı. Əliyyü vəli xuda nur Mustafa, səlavat! Camaat ( hamılıqla). Salavat! Müctəhid məiyyətindəki adamlarla gəlib keçir. Qadınlar dalınca tökülüb onun ulağının ayaq qoyduğu yerlərdən torpaq götürürlər. Birnəfər (müctəhidin məiyyətindəkilərdən biri geri qayıdıb). Eyyühənnas, ey şəhərin füqərası, yoxsulları, əlilləri, şikəstləri! Namaz qurtardıqdan sonra müctəhid Hacı Mirzə Əhməd ağa füqəraya imam malı paylayacaq. Hamınız ağanın qapısında cəm olasınız. Xudavənda, sən ağanın ömrünü uzun və vücudunu bibəla elə! Camaat (hamılıqla). Amin! Birnəfər. Xudavənda, sən ağanın kölgəsini cəmi islam dininə qulluq eyləyənlərin üstündən əskik eləmə və onun düşmənlərini, bədxahlarını cəhənnəm oduna yandır! Camaat (hamılıqla). Amin! Pərdə İkinci bşəkil Hacı Mirzə Əhməd ağa ağanın həyəti. Füqəra, əlil, şikəst kişilər və Qadı nlar toplaşmışlar. Müctəhidinamili (çıxır). Camaat, sakit olun! Nə qeylü-qaldır? Bura müctəhid qapısıdır, zənanahamam deyil. Səs-küy salıb ağanın istirahətini pozmayın. Camaatdanbirneçənəfər. Baş üstə, sakit durarıq. Birqoca. Xalqa nə verəcəksiniz verin, dağılıb getsinlər, ağa da istirahətindən qalmasın. Amil gedir. Birqoca (o birisinə). Görəsən ağanın iltifatı bu gün nə qədər olacaq? Obirisi. Hər nə qədər olar, evi abadan. Birçolaqcavan. Necə yəni nə qədər olar? Ağa məgər bu xalqa atasının malını verir? Məmləkətin hər yerindən göndərilən imam malıdır. Çox gələr çox versin, az gələr az. Keçən cümə axşamı hər adama iki qıran pul verib yola salıbdır. Mən bədbəxt özümdən savayı üç baş adam saxlayıram. İki qıran onların bir günlük çörəklərini ödəmir. Bəs bu külfət həftənin altı gününü nə yesin? Birinciqoca (cavana). Ay oğul, niyə belə xam danışırsan? Budur mən bu qapıdan neçə sənədir cümə axşamlar nəzir aparıram. Bu nəzirlər hamısı gözə pərdə çəkməkdir. Hacı Mirzə Əhməd ağaya ildə neçə yüz min tümən imam malı gəlir. Ondan hər cümə axşamı bir iyirmi tümən görk üçün füqəraya paylanır, qalanı da... Şəhər əyan və tüccarından beş-altı nəfər gəlib camaatı yarıb keçirlər, amil onları pişvaz edir. Amil. Buyurun, qədim əziz edibsiniz, ağa sizə müntəzirdir. Birinciqoca (cavana). Gəlib keçənləri gördün? Bu adamlar hər gecə müctəhidin evində plov basırlar. Pulların qalanı bunların qarnına gedir. Əlavə, ağanın yeddicə nəfər arvadı var. Bunları da ki acçılpaq saxlamaq olmaz. Cavan. Bəs belə olan surətdə bu barədə qışqırıb danışmaq lazımdır, bəlkə camaatın gözü açıla. Birinciqoca. Hünərin var, buyur çıx bazara, qışqır. Mitilinə fərman verərlər, mitilin bazarın ortasında düşər. Amil (çağırır). Oğlan bir buraya gəl, qoca, sən də buraya gəl. (Hər ikisi gəlirlər.) Orada nə söhbət eləyirdiniz? Qoca. Nə söhbət eləyəcəyik, acın söhbəti qarından olar, bir-birimizə dərdimizi söyləyirdik. Cavan. Həqiqət belədir. Budur mənim iyirmi beş yaşım tamam deyil. Hacı Kamyabın pambıq zəmisində işləyirdim, qolumdan ilan çaldı, sağ qolum düşdü, oldum əlil. Yoxsa mənim taylarımın əlləri də, ayaqları da pul qazanır, mən olmuşam möhtac. Hər cümə axşamı gəlib buradan iki qıran imam malı aparıram. Qoca əmi ilə bu barədə söhbət edirdik. Amil. Müctəhid ağanın qulluğunda beş nəfər amil var. Bizim hər birimizin yüz qulağı var. Qapını bağlayıb arvadınla danışdığın söhbəti biz eşidirik. Sizin də söhbətinizi gözəl eşitdik. Mən bu saat sizin ikinizi də əliboş bu qapıdan qovardım, ancaq sizin külfətinizə rəhmim gəlir. Mən görürəm siz ikiniz də fikirli, qanacaqlı adamlarsınız. Ona görə sair fürqəradan seçirəm. Sizin hər biriniz həftədə bir tümən pul alacaqsınız, bəşərti belə söhbətləri boşlayasınız (pul verir). Bu tümənləri qoyun cibinizə, yenə qarışın camaata. Sonra camaat ayağından da nəzir çatar. Qoca və cavan pulları alıb qayıdırlar. Qoca (cavana). Bala, bu işin adına nə deyərlər? Cavan. Nə deyəcəklər? Dilə qıfıl vurmaq. Qoca. Dürüstdür. Bizim dilimizi bağlamaq üçün hər birimizə həftədə bir tümən məvacib kəsdilər. İndi fikir et, gör şəhərdə dolanıb, ağanın kəşfikəramətindən danışan müftəxorlar nə qədər məvacib alırlar?! Birqadın (amilə). Ay qardaş, bizə nə verirsən ver, yola sal, qapımı bağlı qoyub gəlmişəm, evim yiyəsizdir. Amil. Çox danışma, dayan Xalq alanda sən də alarsan. İkinciqadın (birincisinə). A Fatmanisə, sən də buradasan? Oğlun azarlı idi, sağaldımı? Birinciqadın. Oğlum sağaldısa, mənim burada nə işim var?! Həkim pulu tapmadım. Dedilər ki, bizim naxoşlarımızın dərmanı ancaq Hacı Mirzə Əhməd ağanın ulağının ayaq basdığı yerin torpağıdı. Getdim bir ovuc gətirdim. Təhvil suyuna çalıb tökdüm naxoşun boğazına. O saat yuxu tutdu, yatdı. Elə o yatan idi ki, yatdı. Heç ayılmadı. Evim yıxıldı, qaldım düzlərdə. Amil (Q a d ı nın üzərinə acıqlanır). Arvad, çox füzulluq eləmə, səsini kəs! Birinciqadın. Mən nə danışdım, ay qardaş, dərdimicə qonşuma dedim. Am i l. Xub. Xub, sakit ol. İkinciamil (çıxır). Camaat, növbə ilə düzülün, arvadlar bir tərəfə, kişilər də o biri tərəfə. Ağa təşrif gətirir. Hacı Mirzə Əhməd ağa çıxır, qapıda dayanıb yavaşcadan dua oxuyub salavat çevirir. Dalınca bir nəfər, əlində içi pul ilə dolu cam, çıxır. Müctəhid camaatın arasında yeriyərək sağa və sola pul paylayır. Hamı baş əyərək pulları alır. Pulu payladıqdan sonra üzünü camaata tutur. Hacı Mirzə Əhmədağa. Eyyühənnas! Amil (ucadan). Xamuş! Ağanın sizə sözü var. Hacı Mirzə Əhmədağa. Eyyühənnas, xudavənd-aləm buyurur: əlfüqərai əyali vəl əğniyai vükəlai. Yəni füqəra mənim əyalımdır və sərvətdarlar mənim vəkillərim. Bu sizə təqsim olunan imam malını göndərənlər həmin Allahın vəkilləridirlər. Onların gün-gündən artmasına dua eləmək hər fəqirin borcudur. Allahümmə təqəbbəl ehsanəlməhsinin behəqqi Mühəmməd və aleh və behörməti sərətülfatihə. (Müctəhid və camaat fatihə oxuyurlar.) Gedin, Allah sizə yar olsun. Camaat dağılır. Pərdə Üçüncü şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın qəbul otağı. Ağ döşək üstündə əyləşib puştiyə söykənmiş, qəlyan çəkməkdədir. Neçə qədəm aralıq ağanın amili, qabağında dəftər və məktubat olaraq dizi üstündə ədəb ilə əyləşmiş. Amil. Bəradəran Sərrafan vasitəsilə Marselyaya göndərilən xam ipək, qiyməti iyirmi beş min tümənin vüsulunu Ingiltərə bankı xəbər verir. Müctəhid. Xub, gedib alıb haman bankda bizim hesabi-cariyəmizə yazdırarsan. Amil. Çəşm! Rusiya ticarət nümayəndəsinin məktubudur. Mövqufat mülkündən alınmış kişmiş və səbzə müqabilində verilmiş təməssüklərin vədəsinin tamam olmasını xəbər verib, təməssükləri gətirib paralarını almağımızı təklif edir. Müctəhid. Para nə qədərdir? Amil. Otuz iki min altı yüz əlli dörd tümən. Müctəhid. Rusiya ticarət nümayəndəliyi bizim ən məqbul müştərimizdir. Təməssüklərinin yarım saat vaxtından keçməsinə yol verməzlər. Amil. Bəli, ağa, onlar ticarət işlərini çox diqqətlə aparırlar. Bir qərzdar borcunun vədəsinin yetişdiyini xəbər verməz. Tələbdarın həmişə gəlib istəməyini gözlər. Amma bunlar belə deyillər. Budur yazırlar: təməssükün vaxtı tamamdır. Xahiş olunur buyurub vəchini qəbul edəsiniz. Müctəhid. Kafirdirlərsə də, alış-verişlərində düzgündürlər. Bir dəfə olmayıbdır ki, gəlib vədəsinin uzatmasını xahiş etsinlər. Amil. Bəli, ağa belədir. Müctəhid. Qabaqca məni qorxuzurdular. Deyirdilər ki, təzə Rusiya hökuməti öz rəiyyətinin cəmi əmlakını əlindən alıbdır... Bu hökumət ilə ticarət etmək olmaz. Aldıqlarını verməzlər. Bu fikirlərin səhv olduğunu biz asan görürük. Bircə dərd var ki, bizim, Rusiyaya fəhləliyə gedib qayıdan cavanlarımızın hamısının əqidələri dəyişilir. Allaha səbb edirlər, həttanəəzubillah-Allahın varlığını danırlar. O ticarət nümayəndəsini görəndə ona mənim tərəfimdən deyin: öz məmləkətlərində nə siyasət aparırlarsa, öz işləridir, ancaq bizim Rusiyaya gedən adamlarımızın əqidəsinə toxunmasınlar. Bunun nəticəsindən ehtiyat etməlidir. Amil. Əlbəttə, əmrinizi yetirrəm. Müctəhid. Gedib pulları alıb İngiltərə bankına verərsən və mənim sözlərimi də ona yetirərsən. Amil. Çeşm! Bu məktubunda “Çarbağ” mövqufat mülkünün daruğəsi yazır ki, Rusiyadan, fəhləlikdən qayıtmış bir neçə nəfər xəbislər camaatı başdan çıxardıblar. İndi camaat mədaxil verməkdən boyun qaçırır. Müctəhid. Bu nə xəbərdir? Camaat bilmirmi ki, mövqufat mülkünün təəllüqü xudavənd-aləmə və onun əyalı olan füqərayadır? Məgər bu mədaxilin it qanından, hətta şərabdan da haram olmasını düşünmürlər? Mənim tərəfimdən məhəllə hakiminə və hakimişərə yazıb “Çarbağ” mülkünün mədaxilinin ikiqat yığılmasını tələb edərsən. Camaat arasında iğtişaş salan bidinlər gərək tutulub şəriət məhkəməsinə verilsinlər. Onlar ilə mürtədlər haqqında sadir olmuş ehkam üzrə rəftar olunsun. Amil. Çeşm! Müctəhid. Daha nə var? Amil. Daha, qabili-ərz, bir məktub yoxdur. Müctəhid. Cümə axşamı füqəraya nə qədər təqsim olundu? Amil. On yeddi tümən. Müctəhid. Füqəranın sayı gün-gündən artmadadır. (Saata baxır.) Bu gün mənim yanıma iki qəribə müsafir gələcəkdir. Bir nəfər firəng səyyahı Qadını ilə şəhərə varid olub məni görməyi xahiş ediblər və mən də onların məmnuniyyətlə qəbul etməmi xəbər vermişəm. Bu saat onların gəlmək vaxtıdır. Mən gedim təğyiri-libas edim. Sən də əmr et bu otağı Avropa qaydasilə tərtib etsinlər və qəhvə hazırlasınlar. (Gedir.) Amil (səslənir). Oğlan, Sultanəli! (Nökər daxil olur.) Bu saat otağa masa, sandalya düz, ağanın avropalı qonaqları gələcəklər. Bir az vaxtda otaq Avropa vəziyyəti alır. Nökər (daxil olur). Bir nəfər firəng və bir üzüaçıq Qadın hüzura gəlmək istəyirlər. Amil. De buyursunlar. (Nökər gedir. Səyyah və Qadı nı daxil olurlar.) Buyurunuz, buyurunuz. Səyyah. Bəs ağa haradadır? Amil. Əyləşin, bu saat təşrif gətirərlər. (Gedir.) Qadın (otağa göz gəzdirir). Mən belə eşitmişdim ki, islam ruhanilərin xırdaca sovməələri olar və özləri də quru həsir üzərində oturarlar. Amma bunun cəlalətini biz Tehranda, şahın sarayında görmədik. Səyyah. Bunlardan uzaq yaşayanlar hamısı bu fikirdədirlər. Belə söhbətləri Avropa avamları arasında və Roma papası haqqında danışırlar. Mü ctəhid (başdan ayağa bir dəst ağ ipək libas geyinmiş daxil olur. Səyyah və Qadı nı baş əyib qabağa gəlirlər. Müctəhid hər ikisinə əl verir.) Əyləşiniz. Xoş gəlibsiniz və səfa gətiribsiniz. Çoxdanmı bizim şəhərə təşrif gətiribsiniz? Səyyah. Dünən varid olmuşuq. Müctəhid. Şəhərimizi necə görürsünüz? Səyyah. Sair şəhərlərə nisbətən yaxşıdır. Fəqət bir şeyə biz diqqət yetirdik. Küçələrdə həddən artıq sail var. Məgər bunların haqqında fikrə gəlmək olmaz? Bizə məlumdur ki, sizin ixtiyarınızda böyük mövqufat pulları var. Bu saillər üçün xüsusi evlər bina etmək, qocaları yeməkdən təmin edib paltar vermək, cavanlara bir iş öyrətmək və beləliklə sailliyi kəsmək lazımdır. Müctəhid. Biz hər tədbir görürük. Hər həftə mövqufatdan füqəraya pul paylanır, fəqət onlar sailliyə adət ediblər. Nə qədər onlara pul verilsə, yenə peşələrindən əl çəkməyəcəklər. Nökər üç fincan qəhvə və bir neçə şüşə likör gətirir. Qadın. Müctəhid əfəndim, bu nədir? Məgər bu içkilər haram deyil? Müctəhid. Haramdır, xanım, biz istemal etmirik. Fəqət hər yerdən varid olan müsafiri onun vətəni adətilə qəbul etməyi vacib bilirəm. Buyurun qəhvə götürün. Səyyah və Qadın qəhvə götürürlər. Müctəhid bir fincan da öz qabağına qoyur. Qadın. Cənab, budur, bizim İranın çox şəhərlərini səyahət etmişik, çox tacirlərin, xanların, hakimlərin məclisində olmuşuq. Nədənsə hamısı Qadınlarını bizdən gizlədirlər. Biz burada əyləşib söhbət edirik. Nə olar, sizin Qadınınız da bizimlə burada əyləşib qəhvə içsin. Müctəhid. Avropa xanımlarında olan ağıl, kamal, qabiliyyət bizim Qadınlarda yoxdur. O səbəbdən onları üzə çıxarmaq mümkün deyil. Qadın. Cənab, belə sözləri nə üçün buyurursunuz? İnsaf etmirsiniz. Mən neçə evlərdə əndərunə keçib arvadlar ilə söhbət etmişəm. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Burada ayrı səbəb var. Deyin şəriət izin vermir. Müctəhid. Belə də var. Allahın əmrinə görə, arvadlar kişilərin məzrəidir, yəni əkin yerləridir və bu əkin yerlərinin məhsulu da övladdır. Qadınların vəzifəsi fəqət övlad doğmaq və ev saxlamaqdır. Onların camaat işlərinə qarışmaqları, kişilərtək bazarlarda, şəhərlərdə dolanacaqları nəinki xilafi-şər, hətta xilafi-əqldir. Siz avropalıların əqidələri başqadır. Ona görə sizi inandırmaq çətİndir. Qadın, necə ki ərz etdim, naqisüləql və zəif olar. Odur ki, kişilər ilə bir yerdə onların dolanması od ilə pambığın bir yerdə olması mislindədir. Bizim eşitdiyimizə görə, Avropada fahişəlik həddən aşmış və hamısına səbəb arvadların açıq gəzmələridir. Hətta deyirlər Avropa şəhərlərində xüsusi fahişəxanalar var. Səyyah. Bağışlayın, cənab. Biz çox şəhərlər gəzib, çox adamlar ilə təmas etmişik. Gördüyümüz xanların, tacirlərin və sairlərinin hər birinin evində üçdən başlamış on-on ikiyədək və daha artıq Qadın görmüşük. Bu, fahişəxana deyil, nədir? Müctəhid. Bu, Allahın buyruğuna və peyğəmbərin xəbərinə əməl etməkdir. Burada xilafi-şər bir əməl yoxdur. Səyyah. Siz deyirsiniz Avropa şəhərlərində fahişə evləri var. Bəs bu bir belə şəhərlərdəki siğə evləri, bir Qadının hər gündə beş-altı və daha çox sadamlara siğə olması və bir nəfər başı əmmaməli axundun da burada vasitə olması fahişəxana deyildir, nədir? Müctəhid. Şəriətdə siğə halaldır. Səyyah. Deməli, fahişəlik də halaldır. Mən başı çadralı Qadınların küçələrdə kişilərə toxunub evlərinə təklif etdiklərini gözümlə gördüm. Hətta fahişəlik edən Qadınların libaslarında xüsusi əlamət olduğunu bir nəfər mənə göstərdi. Bağışlayın, cənab, fahişəliyə meyli olanı yüz çadra altında saxlamaq olmaz və pak Qadınları üzüaçıq dünyanın bu başından o başına göndərsələr də üstlərinə toz qonmaz. Nə qədər məmləkətinizdə fahişəlikdən xəstələnmiş Qadınlar var! Bunların da xəstəlikləri səlamət adamlara sirayət edib azarın artmasına və millətin izmehlalına səbəb olur. Fahişəlik ictimai bir xəstəlikdir. Onun müalicəsi də başqadır. Çadra müalicə deyil. Müctəhid. Bu dəlillər mənə kafi deyil. Biz öz əqidəmizdə möhkəm qalacağıq. Səyyah. Gələcək nəsil bu yol ilə yəqin getməyəcək. Müctəhid. Bunu düz buyurursunuz. Biz camaatın gün-gündən dindən, məzhəbdən çıxmasını aydın görürük. Hətta eşitdiyimizə görə, Şura məmləkətində islam Qadınları kişilərə qarışıb üzüaçıq gəzirlər. Hətta məktəblərdə bahəm dərs oxuyurlar. Bizim oraya əlimiz çatmır. Nəsihətdən və Allahın əmrini və şəriətinin ehkamını yetirməkdən savay əlimizdən bir iş gəlməz. Gələcək nəsil cəhənnəm odunu qəbul edirsə etsin, biz edə bilməyəcəyik. Səyyah (durur ayağa). İzin verin bizi hüsni-qəbulunuzdan dolayı, izhari-məmnuniyyət edib qulluğunuzdan mürəxxəs olaq. Müctəhid. Bir neçə gün burada qalıb mənimlə söhbət etsəydiniz, mən sizə, sizin Qadınlar haqqında səhv olmağınızı əqli və nəqli dəlil ilə sübut edərdim. Səyyah. Çox həvəs ilə sizin söhbətinizə gələrdim, ancaq sabah tezdən biz getməliyik. Xudahafiz. Qadın. Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız. Müctəhid. Yox, yox, nə üçün rəncidə oluram? Əmr be məruf, nəhy əz münkər bizim vəzifəmizdir. Qadın. Salamat qalın, cənab. Müctəhid. Xoş gəldiniz. (Səyyah və Qadın gedirlər.) Ay gədə Sultanəli. (Sultanəli daxil olur.) Masanın üstünü yığışdır və bir aftabaləyən gətir, əlimi suya çəkim. Nökər podnosu aparıb, aftaba-ləyən gətirir, müctəhid əllərini suya çəkir. Amil (daxil olur). Ağa, Həmədan əyalətindən Hacı Qafur adında bir tacir yüz min tümən pul ilə bir cavan qızını göndərib. Özünün zərrini bir qız olduğunu bəyan edir yazır ki: mənim qızımı zövcəliyə qəbul edib və bu pulları da Allah yolunda məsrəf etsəniz, məni cəhənnəm odundan təmin etmiş olarsınız. Müctəhid. Gözəl sovqatdır və gözəl niyyət ilə göndərilibdir. Bundan sonra kim deyə bilər ki, dünyada Allah bəndəsi və sadiq peyğəmbər ümməti yoxdur? O qızı buraya gətirin. (Amil qapını açır, qız daxil olur.) Bala, atan səni mənə peşkəş göndəribdir. Sən mənə məhrəmsən, aç üzünü, yaxşı qız. (Qız üzünü açmaq istəmir, müctəhid onun üzünü açır və bir qədər tamaşadan sonra) Ötürün hərəmxanaya. Fətəbarəkallahü əhsənül xaliqin! Pərdə * * * İkinci pərdə Dördüncü şəkil Hacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar. Kamran – Hacı Kamyabın qardaşı oğlu hərdən bir içəri girib kontora qayıdır. Birincimirzə. Kamran sən ki, bir belə Hacı Kamyaba can yandırırsan, nə olar, Hacı Kamyab da bunun müqabilində öz qardaşı – sənin atan İbrahimə dörd-beş min tümən verə, o da gedib bir növ güzəran keçirə. Atan baqqallıqdan nə qazanacaq və nə külfət saxlayacaq? İkinci mi rzə. Kamran. qoçaq bir oğlandır. Hansı tacirin yanında dayansa, ayda yüz tümən məvacib alar. Burada müftə çalışmasının mənası aydındır. Birincimirzə. Məna aydındır, düz buyurursan. Hacı Kamyabın bircə nəfər qızı, bircə nəfər də qardaşı oğlu var. Kamranın fikri İndi müftə qulluq edib axırda Hacı Kamyabın sərvətinə malik olmaqdır. Kamran. Səhv edirsiniz. Hacı Kamyab mənim əmimdir. Bununla belə, onun sərvətində zərrəcə gözüm yoxdur. O sərvətin nə yol ilə cəm olmasını yaxşı bilirəm. Siz də bilirsiniz, məni buraya bağlayan sərvət deyil. Mən harada olsam dolanacağam. Kəsilsin o iki əli ki, bir başı saxlaya bilməyir. Bircə çıxıb qapıda göz yaşı tökənləri görsəniz, Hacı Kamyabın sərvət yolları sizə aydın olar. İkinci mi rzə. Deməli, səni buraya cəlb edən ahənruba sərvət deyil, başqadır, boş xəyaldır. Kamran. Necə boş xəyaldır? Nə demək istəyirsən? İkinci mi rzə. Sərvətdarların təməkarlıqları hamıya məlumdur. Onlar nə qədər qazansalar “kifayətdir” deməzlər. Hacı Kamyab bir həris kişidir. Özünü özü kimi bir sərvətdar ilə qohum etməyə çalışacaq. Sənin əl-ayaq vurmağın da özünə qalacaqdır. Hacı Kamyab (daxil olur, mirzələr qalxıb salam verib əyləşirlər). Kamran, o qapıdakı kişilər nəçidirlər? Kamran. Əmi, Xudayar xanın rəiyyətlərindəndirlər, sizi görməyə gəliblər. Hacı Kamyab. Xub, çıx söylə dayansınlar. Deyilən bu dəqiqə vaxtım yoxdur. Kamran cəld çıxır, birinci mirzə durub, gəlmiş ticarət məktublarını təqdim edir. Birincimirzə. Marselya vəkilimiz yazır ki, baramanın qiyməti dörd faiz artıbdır. Sizdən əmr gözləyir. Satsın, ya dayansın. Hacı Kamyab. Ona teleqraf ilə xəbər ver, neçə gün səbr etsin və hər gün birja qiymətlərini teleqraf ilə bizə xəbər versin. Kamran (daxil olur). Əmi, Rusiya ticarət nümayəndəliyinin katibi sizi görmək istəyir. Hacı Kamyab. Buyursun, buyursun. O mənim həmişə əziz qonağımdır. (İkinci mirzəyə) Işinlə məşğul ol, kağızlara sonra baxarıq. Katib (daxil olur). Salam. Hacı Kamyab. Buyurun əyləşin. (Papiros təklif edir, Kamrana) Kamran, katib cənablarına qəhvə gətir. Katib. Çox razıyam, hacı, qəhvə içməyəcəyəm. Sizin məktubunuz dünən vüsul oldu və xahiş etdiyiniz zürufat, çit, qənd və sair mallar üçün ticarət komissarlığına yazıldı. Əlavə, bu sənənin smetinə görə, İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir. Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur. Hacı Kamyab. Cənab katib, sizin pambıq sifarişinizin qədərinin ilbəil azalması məni heyrətə salır. Keçən sənə nümayəndəlik səkkiz min ton pambıq aldı. Bu il altı min ton pambıq istəyirsiniz. Buna səbəb nədir? Çit bazarı kasadlaşmışmı, ya pul tərəfdən çətinlik çəkirsiniz? Siz, cənab, heç bir fikir etməyin, sizin mötəbərliyiniz bizə gün kimi aydındır. Nə qədər mal lazım olsa, hamısını göndərməyə hazırıq və nə qədər istəsəniz, ona da varıq. Katib. Hacı, nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik. Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir. Bu sifariş gələn sənə bundan da az olacaq. Bir neçə sənədən sonra bizim üçün kənar məmləkətlərdən pambıq gətirməyə ehtiyacımız olmayacaq. Çünki Zaqafqaziya və Türküstanın pambığı bizim fabriklərin hamı ehtiyaclarını ödəyəcəkdir. Hacı Kamyab. Elə olan surətdə gərək biz pambıqlarımıza od vuraq. Katib. Od vurmaq nə lazım? Əvvəla, pambıq bazarı az deyil. İkincisi, öz məmləkətinizdə çit fabrikləri bina edib, hasil olan pambıqlarınızı da oraya məsrəf edin. Bağışlayın, məni idarədə gözləyirlər, gərək bu saat gedəm. Deməli, altı min ton pambıq bizim üçün hazır edərsiniz. Xudahafiz. Hacı Kamyab. Çeşm! Xudahafiz. (Nümayəndə gedir, mirzələrə) Katibin bizə yol göstərməsini eşitdiniz? Deyir: fabrik, zavod bina edin. Gözəl məsləhətdir. Fabrik bina elə, fəhlə ilə doldur, o da sonra başına bir bəla olsun. Yox, aşna, fabrik-zavod da sizin, fəhlələr də sizin. Biz burada bolşevik yuvası tikməyi bacarmarıq. Heç bir axmaq öz barmağı ilə öz gözünü tökməz. (Kamrana) Qapıdakı adamları çağır görüm nə istəyirlər? (Kamran çıxmaq istəyir.) Dayan! Xudayar xandan məktub almışam. Bu axşam özü və oğlu bizə qonaqdırlar. Evdə tapşır tədarük görsünlər və özün də axşam burada ol. Kamran. Baş üstə. (Çıxır. Neçə nəfər kəndli daxil olub, baş əyib salam verirlər.) Hacı Kamyab. Nə var? Niyə gəlibsiniz, nə istəyirsiniz? Qocakəndli. Hacı ağa, biz yazığıq, bizi balalarınızın başına çevir, bizə rəhmin gəlsin. Hacı Kamyab. Sözün nədir onu de. Qocakəndli. Biz Xudayar xanın rəiyyətlərindənik. Bizi kəndimiz vəkil eləyib sənin qulluğuna göndəribdir. Hacı Kamyab. Hansı kəndin adamlarısınız? Qocakəndli. Dördbulaqlı kəndinin. Biz hamımız mal-qoyun saxlarıq. Məhsulumuz yundur. Budur, bir neçə gündür bir firəng gəlib camaatın yununu almaq istəyir və yununun hər batmanına doqquz qıran pul təklif edir. Biz yunları vermək istəyirik. Xudayar xan buyurur ki, gərək nə qədər yununuz var isə batmanı yeddi qıran yarımdan Hacı Kamyabın vəkilinə verəsiniz. Hacı Kamyab. Doğrudur, biz Xudayar xan ilə danışıb qiymət kəsmişik. Qocakəndli. Ay Hacı, özün bir fikir elə, biz kasıb, ac məxluq. Hər batmanda bir qİran yarım bizim üçün böyük puldur. Sən gərək bizim ziyanımıza, nəinki ziyanımıza, evimizin yıxılmağına razı olmayasan. Hacı Kamyab. Sən dürüst fikir eləsən, yunun batmanının mənə neçəyə mal olmasını bilərsən. Siz malınızı kafirə satınca, öz müsəlman qardaşınıza bir qİran yarım ucuz satın, halal pul alın. Yeyib-içməyiniz də halal olsun. Onların pulları, hamısı araq-çaxırdan qazanılır. Qocakəndli. Ay hacı, onların haradan pul aldıqları bizə nə borcdur? Biz mal satıb, pul alırıq. Hacı Kamyab. Odur ki, xudavəndi-aləm bərəkətinizi kəsibdir. Hamınız yaz əkinçi, qış dilənçi və çörəyə möhtacsınız. Gedin, bir şahı artıq vermək mənə sərf eləməz, çıxın. Qocakəndli. Hacı, bizim hər birimiz kənddə bir kişi sayılırıq. Bizi adam bilib sənin qulluğuna göndəriblər. Hacı Kamyab. Kəndinizdə bəlkə adamsınız, çıxın gedin! Firəngə də xəbər verin, gəldiyi yol ilə düz getsin. Çox artıq-əskik etsəniz, işiniz Xudayar xan ilə olacaqdır. Onun divanına yaxşı bələdsiniz. Çıxın bayıra! (Kəndlilər gedirlər). Qəribə bihəya tayifədirlər. (Mirzəyə) Kağızları buraya gətir. Mirzə. İstanbul vəkilimizin yazmağına görə, xalı-palazın ağzı bir qədər aşağıdır. Amerika birjasından xəbər gözləyir. Hacı Kamyab. Gözləmək lazımdır. Daha nə var? Mirzə. Berlin vəkilimiz xəbər verir ki... Pərdə Beşinci şəkil Hacı Kamyabın əndəruni bağçası. Kamran bikef oturub, fikrə qərq olmuş. Gövhərtac bağçanın girəcəyində peyda olur. Bir qədər dayanıb Kamra na baxır. Kamran onu görmür. Gövhərtac bir gül qırıb ona atır, Kamran ayılmayır, bir gül də qırıb atanda Kamran diksinir. Kamran. Böyük qız olubsan, yenə uşaqlıq hərəkətindən əl çəkməyirsən. Gövhərtac. Yoxsa gül səni bir yerindən yaraladı? (Dəsmal çıxarır.) Gətir yaranı bağlayım. Kamran. Mənim yaram bağlanası yara deyil. Gövhərtac. Bu nə sözdür danışırsan? Dilini başa düşmürəm. Nə olubdur belə fikrə gedibsən? Kamran. Ürəyim çox darıxır, Gövhərtac. Gövhərtac. Nə üçün ürəyin darıxır? Kamran. Özüm də bilmirəm. Hərdən bir ağlamağım tutur. Saralmış yarpaq, sınmış ağac budağı görəndə istəyirəm ağlayam. (Yerə düşmüş gülü götürüb göstərir.) Bax, bu gülü qırıb mənim üstümə atdın. Mənə belə gəlir ki, bu gül qırıldığından ağrıdı. Bu gün mənim başımda cürbəcür fikirlər oynaşır. Özüm də anlamıram bu nədir. Gövhərtac. Dəli-dəli danışma. Gül niyə ağrısın? Gülün ki, canın yoxdur. Kamran. Bilirəm canı yoxdur, amma mənə belə gəlir. (İçində gül əkilmiş bir vaz göstərir.) Bax bu vaz, bunu palçıqdan yoğurub, kürədə bişirib, indiki halətinə salıb satıblar. Mənə belə gəlir ki, bu torpaqdan yoğrulub kürədə bişmiş vazın canı var və bizim kimi yaşayır və düşüb sındıqda onun bədəni ağrıyacaq. Gövhərtac. Heç bir şey bu danışıqdan anlamıram. Kamran Mən özüm də bilmirəm bu nə halətdir məndə. Heçdən bu xəyal başıma girib, çıxmayır. Ağaclar yaşayırlar, onlara balta dəydikdə ufuldayırlar. Rəssam çəkmiş rəsm yaşayır, daş yonulmuş heykəl də yaşayır və düşüb sınanda ağrıyır. İnsan çox şeyi özü yaradır və özü də sındırır. Budur, mən də sınmışam, mən də ufuldayıram. Gövhərtac. Səni kim sındırıb? Kimin nə həddi var əminin qorxusundan sənə güldən ağır söz deyə bilə? Kamran Məni sındİran əmim özüdür. Sən mənə iki gül atdın, amma əmim bir ağır daş vurub, mənim ürəyimi sındırıb. Odur ki, gül qırılanda, bir çini qabın düşüb sınmağını mülahizə eləyəndə ağlamağım tutur. Gövhərtac. Əmioğlu, sənin ürəyində bir dərdin var, mənə demək istəmirsən. Əgər atamdan inciyibsən, səbəbini de, mən onunla danışım. Kamran Gövhərtac, bilirsən ki, bu axşam Xudayar xan buraya gələcək? Gövhərtac. Gələndə nə olar? Xudayar xanın atam ilə alış-verişi var. Onun mülkündən çıxan tamam məhsulat atamın əlilə satılır. Odur ki, o buraya tez-tez gəlir. KamranO deyil. Gö vhərtac. Bəs nədir? Kamran Xudayar xan həmişə tək gəlib-gedər. Bu dəfə o, fərasətsiz oğlu Firidun xanı da özü ilə gətirir. Bu xəbər məni nədənsə təşvişə salıb, ürəyim az qalır partlasın. Gövhərtac. Bir belə danışıq elə bunu demək üçün idi? (Cibindən bir qələm bıçağı çıxarıb göstərir.) Bunu görürsən, təzə alınıb, almaz kimi itidir. Kamran Nə olsun? Gövhərtac. Arifsən, anla. Sənin fikrindəki mümkün deyil. Atam heç vədə istəməz ki, onun qardaşı oğlu duran yerdə, mülkü, malı, dövləti Xudayar xanın oğluna keçsin. Kamran. Gövhərtac, yoxsa belə güman edirsən ki, mənim əmimin malında, dövlətində gözüm var? Yox, o dövlət mən bilirəm nə yol ilə qazanılıb. O pullar göz yaşı və ciyər qanıdır. Bu səhər Xudayar xanın rəiyyətləri gəlib, ağlaşıb əmimin ayağına sərilirdilər. Əmim Xudayar xana üç min manat rüşvət veribdir. Xudayar xan da rəiyyəti məcbur edir ki, məhsulunu ucuz qiymətə əmimə satsın. Bu vəziyyəti görən adam onun dövlətinə, sərvətinə təmə elərmi? Mənim qüvvətli qollarım var, heç kəsdən ağılsız olmayan başım var. Məni avara edib əmimin qapısında qul edən bircə qüvvət var, o da.. (Başın salır aşağı.) Gövhərtac. Əmioğlu, yoxsa belə güman edirsən ki, bu dövlətin içində yaşamaq mənim üçün xoşdur? Məgər mən az ədalətsizlik, az insafsızlıq görürəm?! Mən də bir Dustaqxana içindəyəm. Kamran. Atan səni Xudayar xanın oğluna versə, nə eylərsən, nə eyləyə biləcəksən, nə danışa bilərsən? Satdıq mal kimi lal-dinməz duracaqsan. “Mən getmirəm” deməyi bacaracaqsanmı? Gövhərtac. Bilirəm, getmirəm sözünü deməyə mən cürət eləməyəcəm. Nə edək, elimizin adəti belədir. Qızları mal, qoyun kimi ataanaları satırlar. Ancaq əlimdəki sədəf dəstəli bıçağı gördünmü? Kamran. Əmi qızı, buçaq sözünü bir qədər unut, axır dəqiqəyədək gözlə. Mən də özümü bir şey hesab edirəm. Dünyanın işini bilmək olmaz. Bəlkə atan deyən olmadı, biz deyən oldu. Bibixatun (daxil olur). Ay qız, Gövhərtac, buradasan? Gəl evə, hava sərindir, soyuq dəyər. Kamran, sən də buradasan? Əmin səni axtarmamış yer qoymayıb, deyir harada qaldı, bir azdan sonra xan gələcəkdir. Kamran. Bu saat. (Yüyürək gedir.) Bi bixatun (qızına). Ay qız, indiyədək uşaq idin, sənə söz demirdim. Kamran sənin əmin oğlu isə də, böyük, on yeddi-on səkkiz yaşında oğlandı. Sənin onunla təklikdə danışmağın yaxşı deyil. Xalq onu da bir söz qayırar ki, guya Hacı Kamyab qızını qapıçı İbrahimin oğluna verir. Hacı Kamyab hər avaraya qız versə idi, min yerdən elçi gələrdi. Cavan oğlandır, malı, dükanı, bağı-bağatı, alış-verişi. O boyda oğlan, bikar, əmi qoltuğunda qalmaz, gedər çörək qazanar. Gövhərtac. Necə, yoxsa Kamran pul qazanmağa acizdir? Çox qoçaq oğlandır. Bibixatun. Kəs dilini, ləçər, gəl içəri! Pərdə Altıncı şəkil Hacı Kamyabın evində böyük salon. Neçə nəfər tüccarından əyləşib, söhbətdədirlər və Xudayar xanın vüruduna müntəzirdilər. Kamran tez-tez girib çıxır. Hacı Xudadad. Hacı Kamyab, qəribə xəbərlər qulağıma gəlir. Deyirlər mövqufat mülklərində iğtişaş nişanələri var. Rəiyyət Hacı Mirzə Əhməd ağaya mədaxil verməkdən boyun qaçırır. Hacı Rza. Mövqufat əmlakının mədaxilinin Hacı Mirzə Əhməd ağaya nə dəxli var? Bu mədaxil Allahındır. Allah yolunda da təqsim olunur. Hacı Mirzə Əhməd ağa fəqət Allahın vəkilidir. Hacı Kamyab. Bəli, düz buyurursunuz... Neçənəfərqonaqlardan. Bəli, belədir ki, var. Hacı Kamyab. Bilirsiniz nə var, həzərat? Bizim yerin avara cavanları burada guya iş olmadığını bəhanə edərək gedib Rusiyada, xüsusən Bakıda özlərinə iş arayırlar, orda da işləyirlər, ya işləmirlər, onu Allah bilir. Ancaq onu bilirəm ki, orada onların başlarını xarab eləyib göndərirlər geri və oradan gətirdikləri xəstəlik də buranın camaatına sirayət edir. Deyirlər, məsələn: sərvətdarların alın təri ilə qazandıqları dövlət oğurluqdur, imarətləri zəhmətkeşlərin sümüklərinin üstündə tikilibdir. (Kamrana) Kamran, oğul, sən bir bayıra çıx, gör gələn varmı? (Qonaqlar) Cavandır, eşitməsin, onların danışıqlarını deməyə adamın dili gəlmir. Hacı Xudadad. Bunlar yola gedər. Deyirlər gərək kəndlilər yığışıb zor ilə padşahı yıxıb, hökuməti öz əllərinə alsınlar. Qəribə işdir. Ayaqyalın Pirqulunun biri hökumət başında əyləşəcək, biz də itaət edəcəyik. Hacı Rza. Bu hələ boş danışıqdır. Hökuməti yıxmaq arıq-cırıqlar işi deyil, bundan yamanı var. Deyirlər, nəəzubillah, Allah yoxdur. Axundlar, müctəhidlər hamısı adam aldadan, xalqın başını qırxan fırıldaqçılardır. Hacı Şükür. Belə şəxslərinki vacibülqətldir. Hacı Rza. Əlbəttə, Hacı Mirzə Əhməd ağa əmr edibdir ki, belə adamlar xalq arasına çıxdıqda fövrən öldürsünlər. Bunları öldürənlərə behişt vacibdir. Ağa cəmi məsuliyyəti öz öhdəsinə götürür. Hacı Şükür. Mövqufat əmlakında iğtişaş edənlər cəzalarına çatdılarmı? Hacı Kamyab. Ağa hakimi-vilayətə məktub göndərmişdi. O da lazımi tədbir edib. Neçə adam həbsə alınıb, bir nəfər döyülüb, Rusiyadan gəlmiş bir nəfər bidin bu gün dara çəkilib. İndi rəiyyət sakitləşib, borcunu lazımınca əda edir. Hacı Şükür. Xudavəndi-aləm öz cəlalı hörmətinə Hacı Mirzə Əhməd ağanı bu başıaçıq camaata çox görməsin və onun vücudunu bibəla eləsin. Hamı. Amin. Bayırda at tappıltısı eşidilir. Kamran (cəld daxil olur). Xan təşrif gətirir. Hacı Kamyab. Cəld çıx, özün xanın atını tut. Deyilən xanın qulluğunda gələnlərin hamısına yer verib rahat eləsinlər. Kamran çıxır və Hacı Kamyab da onun dalınca. Hacı Kamyab (bayırda). Buyurun, xan zəhmət çəkibsiniz, qədəm əziz edibsiniz. Mənim bu kasıb komam sizin mübarək xakipayınıza qurban. Xan daxil olur, dalınca oğlu, sonra Hacı Kamyab və xanın xidmətçilərindən bir nəfər əlində bir mürəssə mücrü, xalq ayağa durur. Xudayarxan. Salaməleyküm. Hamı. Əleykəssalam. Xudayarxan (əyləşir). Bu gün hava çox istidir. Yolda çox əziyyət çəkdik. Hacı Kamyab. Xan, əgər meyl etsəniz, duzlu abduğ var. Xudayarxan. Afərin, Hacı Kamyab. Mən həmişə deyirəm ki, Hacı Kamyabda hər dərdin dərmanı tapılar. İstinin dərmanı abduğdur. Mərhum Nəsrəddin şah Avropa səfərinə gedəndə həmişə yanınca abduğ götürərdi. Firidunxan (atasına). Ağa, abduğla bizim kəndin arvadları başlarını yuyurlar. Xudayarxan. Danışma, sakit otur. Firidunxan. Atamın canı üçün doğru deyirəm, gözümlə görmüşəm. Xudayarxan. Sənə dedim səsini kəs. Kamran daxil olub qapıda dayanır. Hacı Kamyab. Kamran, get xan üçün abduğ gətir. Kamran çıxır. Xudayarxan. Hacı, bu oğlan kİmdir? Hacı Kamyab. Xan sağ olsun, bu mənim qardaşım İbrahimin oğludur. Xudayarxan. Afərin, afərin, çox yaxşı oğlana oxşayır. Hacı Kamyab. Nökərinizdir. Kamran gümüş podnos üzərində bir kasada abduğ gətirir. Xan kasanı alıb sağ və soluna təklif edir və sonra içir. Xudayarxan (ayranı içəndən sonra). Səlamüllahü ələl Hüseyn və lənətüllahi əla qatilül Hüseyn. Hamı. Afiyət olsun, xan! Xudayarxan. Səlamət olasınız, inşallah. Hacı Kamyab. K a m r a n, çay gətir. Firidunxan (K a m r a na). Ay gədə, sənin adın Kamrandır? Kamran. Bəli, xanzadə. Firidunxan (atasına). Ağa, mənim dayımın da adı Kamrandır. Xudayarxan. Çox danışma. Firidunxan (Kamrana). Sənin də anan başını abduğ ilə yuyur? Xudayarxan. Sakit ol, kəs səsini. Kamran çıxır. Hacı Xudadad. Xan, sizin rəiyyətin də arasında az-maz iğtişaş varmı? Xudayarxan. Mənim rəiyyətimin içində iğtişaş ola bilməz. Bir nəfər Bakıya gedənlərdən gəlib artıq-əskik danışırdı. Verdim oğlumun əlinə, dedim bunun tənbehini özün elə, ta görüm mənim yerimdə qatillik eləməyi bacaracaqsanmı? Firidunxan. Bir dəfədə qılıncımla vurub başını quş başı kimi atdırdım. Qonaqlar. Afərin, xanzadə. Kamran çay gətirib qonaqların qabağına qoyur və sonra gedib mürəbbə gətirir. Xudayarxan (çay içir). İğtişaşın qabağını başqa növlə almaq olmaz. Məsələn, axundlar minbərə çıxıb camaata nəsihət edirlər. Nəsihət ilə kar aşmaz. Məsəldir, bağışlayın, deyərlər səlavət ilə donuz darıdan çıxmaz. Hacı Rza. Əlbəttə, xan sağ olsun, kötək lazımdır. Firidunxan. Keçən həftə mən güllə ilə meşədə iki donuz vurdum. Xudayarxan. Danışma, xamuş ol. Hacı Şükür. Deyirlər Rusiyanın imperatorutək qəvi padşahı camaat təxtdən yerə saldı, biz də şahı yerə salıb ixtiyarı əlimizə alacağıq. Xudayarxan. Rusiya müharibədə məğlub olmuşdu, qoşunu dağılmışdı. Padşah da baxdı gördü hökumətlik edə bilməyəcək, təxtdən əl çəkdi. Bizim hökumətimiz qəvi, şəriətimiz möhkəm və qoşunumuz müntəzəm. Burada Allahın dövlətindən heç bir inqilab ola bilməz. Hacı Xudadad. Əlbəttə belədir. Firidunxan. Çox danışanın qılınc ilə başını “şırt” üzdürrəm. Xudayarxan. Sənə deyirəm az danış. İki nəfər hacının nökərindən əllərində aftaba və ləyən gəlib qapının iki tərəfində dururlar. Hacı Kamyab. Xan, buyurun bir qədər şam meyl edin. Qabaqca xan, sonra qonaqlar birbəbir əllərini yuyub, nökərlərin çiyinlərindəki məhrəba ilə silib, içəri adlayırlar. Kamran stəkanları yığıb, qonaqların dalınca bir qədər baxıb dərin bir ah çəkir və cəld çıxır. Pərdə Yeddinci şəkil Həmin salon. Xudayar xan və Hacı Kamyab əyləşibdir. Xanın pişxidməti, əlində mücrü, kənarda durubdur. Hacı Kamyab. Xan sağ olsun, buyurun bu otaqda bir qədər rahat olun. Sabah hesaba əyləşərik. Xudayarxan. Neçə sənədir mən sənin vasitən ilə ticarət edirəm. İndiyədək aramızda bir güftgu olmayıb və bundan sonra da olmayacaq. Hacı Kamyab. Nə buyurursunuz, xan! Mən nəkarəyəm sizə xəyanət edəm, aramızda da güftgu olsun. Ancaq bu pul adlanan şey hesab sevən bir şeydir. Xudayarxan. Xub, necə sənin xahişİndir. Mən buraya gələndə neçə nəfər mənim rəiyyətlərimdən qabağa çıxdılar. Gün əziyyət etdiyindən mən onları dayandırıb danışdırmadım. Baş əyib ötdülər. Onlar burayamı gəlmişdilər? Hacı Kamyab. Bəli, mənim yanıma gəlmişdilər. Xudayarxan. Nə işə? Hacı Kamyab. Əslinə baxsanız şikayət sizdən idi. Bir nəfər yun alan firəngin onlara məndən çox pul təklif etdiyini söyləyib, yunun qiymətini bir qədər artırmamı xahiş edirdilər. Xudayarxan. Nahaq mən onları orada dayandırıb günün istisində canları çıxınca döydürmədim. Bihəya uşağı bihəya, istəyirlər alış-veriş eləsinlər, arada xan bir qıran da olsa mənfəət görməsin. Hacı Kamyab, xanın qulluğuna saydığım əşrəfilərdən xəbərləri yoxdur. Həqiqət, hacı, rəiyyət azıb, yolundan çıxıb. Hacı Kamyab. Sizin buraya təşrifinizdən qabaq biz də bu məsələni söyləyirdik. Rəiyyətdə əsla böyüyə hörmət və ehtiram qalmayıb. Hamısının üzləri dönüb, hətta etiqadları da xarab olubdur. Bu vəziyyətə yol verməyin, ağır nəticələri ola bilər. Xudayarxan. Bilirsiniz, hacı, əhalinin cavanları bilmirəm Rusiyada nə tapıblar? Hamısı vətənlərini buraxıb, gedib orada özlərinə iş axtarırlar. Guya ki, Rusiyada yel əsib, qoz tökülübdür. Bir necə il neft mədənlərində it günündə işləyib, qayıdıb gəlirlər vətənlərinə. Di gəl danışıqlarına bax! Allah tanımazlar, peyğəmbər tanımazlar. Axundlara, seyidlərə, xanlara ehtiram yox. Əlbəttə, buna bir əlac lazımdır. Hacı Kamyab. Əlbəttə lazımdır. Xudayarxan. Mən bir neçə nəfər belə əclaflardan tələf etdirdim. İndi də belə əmr etmişəm. Heç bir kəsin məndən biizin Rusiyaya getməyə ixtiyarı yoxdur. Qaçaq gedənlər də gərək qayıtmasınlar. Qayıdanların boyunları fərmandadır. Mənə Xudayar xan deyərlər. Mənim divanım şaha da məlumdur. Hacı Kamyab. Əlbəttə, belə olmasa tamam hökumət əldən gedər. Xudayarxan. Bu məsələləri sonra müzakirə edərik.Nə qədər mən sağam və mənim oğlum sağdır, rəiyyətin arasında heç bir iğtişaş mümkün deyildir. Mən istəyirəm bu gün sizə qonaq gəlməyimin səbəbini söyləyim. Hacı Kamyab. O da evinizdir, mənə dəxli yoxdur. Mən də sizin sadiq çakərinizəm. Xudayarxan. Xeyr, əstəğfürulla, əziz qardaşımsınız. Bilirsiniz, hacı, neçə sənədir biz bir yerdə ticarət edirik. Hacı Kamyab. İyirmi sənədən artıqdır və bu yediyim çörək də sizin dövlətinizdəndir. Xudayarxan. Halal çörəkdir, çünki alış-verişinizdə haram olmayır... Mənim bu gün buraya gəlməkdən niyyətim sizinlən daha da yavuq və hətta qohum olmaqdır. Fəqət sizin qardaşınız oğlunu burada gördükdə bir qədər fikrə getməyə məcbur oldum. Sizin qızınız var, mənim oğlum var. Əgər qızınız qardaşınız oğluna namizəd deyilsə, mənim oğluma verməyi xahiş edirəm, qəbul edəsiniz. Hacı Kamyab. Mən heç kəsə qızımı vədə etməmişəm. Bəlkə qardaşım oğlunun ürəyindən keçir, o başqa işdir. Ancaq, xan sağ olsun, mənim qızım Xudayar xan xanədanına layiq ola bilərmi? Xudayarxan. Layiq olmasaydı, mən buraya gəlməz idim. Hacı Kamyab. Xan, sizin mənim canıma ixtiyarınız çatar. Qızımın başını kəsməyə də haqqınız var. Xudayarxan. Deməli, razısınız. Hacı Kamyab. Heç kəs bəxtinə arxasını çevirməz. Xudayarxan. Belə olan surətdə əlinizi mənə verin, öpüşək. (Ələlə tutub öpüşürlər. Xan nökərinə) A gədə, Şirəli, mücrünü mənə ver. (Nökər irəli gedib mücrünü xana verir. Xan alıb ötürür Hacı Kamyaba.) Bu mücrüdəki cavahiratı da mənim oğlumun sevgili nişanlısına verin. Hacı Kamyab (mücrünü alır). Mərhəmətiniz artıq olsun, xan. Xudayarxan. İndisə gedib bir qədər dincəlmək olar. Gəlin dübarə öpüşək. Öpüşürlər. Pərdə Səkkizinci şəkil Hacı Kamyabın əndərunində. Gövhərtac və Kamran. Göv hər tac. Əmioğlu, axır bu gün sənin sifətin mənim xoşuma gəlməyir. Bilmirəm ürəyində nə ağır fikirlər var. Guya tamam məmləkətin xəracını sənin üstünə qoyublar. Gah deyirsən gül qırılanda ağrıyır, gah ağac kəsiləndə ufuldayır, gah da bilmirəm nə. İndi də mat durubsan, nə danışırsan, nə gülürsən. Kamran. İndiyədək uşaq idim, insanların arasında olan fərqi düşünmürdüm. İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın aralarında böyük fərq var. Məsələn, mənim əmim Hacı Kamyab pulunun hesabını bilməyir. Atam baqqal İbrahim borclarının hesabını dinarınadək bilir. Bunların hər biri bir sinif nümayəndələridir. Odur ki, onlarınkı bir-birilə tutmur. Mən burada, budur neçə ildir, məvacibsiz, müftə hambalam. Səbəbini sən yaxşı bilirsən. Bağban bir gül üçün yüz xarə xidmətkar olar. İndi sənə də baxıram, özümə də baxıram və bir böyük səhv içində olduğumu düşünürəm. Sən hara, mən hara?! Sən dövlətli, mən kasıb. Sən Hacı Kamyabın qızı, mən baqqal İbrahimin oğlu. Gövhərtac. Kamran, mən bilirəm sən nə deyirsən. Ancaq adətə qarşı da getmək çətİndir. Bizim ixtiyarımız hələlik ata-anamızın əlindədir. Bizi qaramal kimi ürəkləri istədikləri adamlara satırlar. Bizim əlimizdə ancaq bircə haqq qalıbdır. O da ölmək və ya yaşamaq haqqı. Bu haqqı bizim əlimizdən heç kəs almaz. Kamra. Gövhərtac, mənim səndən xahişim budur: biz ayrıldıqmı, ya ayrılmadıqmı, ölüm söhbətini araya gətirmə. Hacı Kamyab (daxil olur, əlində mücrü, mücrünü bir kənara qoyur). Kamran, buradasan? Kamran. Bəli, əmi, buradayam, əmriniz var? Hacı Kamyab. Bir əmrim yoxdur. (Qızına) Gövhərtac, sən buradan get, Kamran ilə xəlvət danışmalı sözüm var. (Gövhərtac çıxır.) Oğul, Kamran biz müsəlmanıq, bizim hamımızın başı şəriətə bağlıdır. Sən uşaqlıqdan bu evdə böyüyübsən. İndiyədək evlərin hamısına girib-çıxıbsan. İndi sən həddi-buluğa yetişibsən. Bundan sonra sən əndərunə naməhrəmsən. Kamran. Əmi, yoxsa məni evindən qovursan? Hacı Kamyab. Bu nə sözdür, oğul, mənim evim sənin evin deyilmi? Yenə elə burada yaşayacaqsan, kontorda işləyəcəksən. İndiyədək uşaqdın. İndi sənə bir xırda məvacib də təyin elərəm. Bir müddət qulluq elərsən, sonra kontorun tamam ixtiyarını sənə tapşıraram. Səni Parisə, Londona, Istanbula göndərrəm və mənim, doğrudan da, oğlum olarsan. Kam ran. Sözüm yoxdur, əmi, indiyədək əmrinizdən boyun qaçırmamışam, indi də itaətinizdə varam. Mən bu əndərundan çıxdıqdan sonra tamam bu evdən uzaqlaşacağam. Hətta bu evə gendən tamaşa etməyə mənim ürəyim davam gətirə bilməyəcək. Hacı Kamyab. Belə sözü danışma, oğul. Sən iki qardaşın bir oğlusan. Səndən mən əlimi çəkə bilərəm?! Kamran. Yox, əmi, çörəyinizi mənə halal ediniz, mən getməli oldum. Ancaq sizdən bir təvəqqem var. Gövhərtacın cibindəki iti bıçağı onun əlindən alın. Xudahafiz. (Cəld çıxır.) Hacı Kamyab (səsləyir). Kamran, Kamran. Gövhərtac (çıxır). Ağa, Kamran haraya getdi? Hacı Kamyab. Evlərinə göndərdim, qızım, getsin, yatsın, sübh tezdən gərək gəlib Xudayar xanı yola salsın. Bibixatun daxil olur, hirsli. Hamam boğçasını bir yana atır, tas boğçanın içindən çıxıb otağın ortasına yumarlanır. Hacı Kamyab. Arvad, nə olubdur sənə, niyə belə qəzəb-alud olubsan? Bibixatun. Arvadın günü qara gəlsin, arvadın doğulduğu günə daş düşsün, arvadı əkənin yurdu dağılsın! Hacı Kamyab. Axır bir de görüm nə olubdur, nə xəbərdir? Bibixatun. Nə olacaqdır?! Sənin kimi kişinin mənim kimi də arvadı olacaq! Kor atın kor nalbəndi olar! Bir azdan sonra şəhərin it, pişikləri də məni görəndə gülüşəcəklər. Hacı Kamyab. Arvad, bir əməlli danış görüm, sənin qışqırtından heç zad başa düşmək olmayır. Bibixatun. O Hacı Rzadır, nədir, bir də bu qapıdan girsə, mən bu evdə yarım saat dayanmayacağam. Hacı Kamyab. Mən imanım, sənin ağlın çaşıbdır. Hacı Rza ilə sənin nə alış-verişin? Bibixatun. Hacı Rza olmasın, olsun onun arvadı. Sən atayın goru, bir bax: hamamda oturub başımın hənasını tökürəm, bir də gördüm bir arvad deyir: ay qız, kimsən, başını qıraqda yu, soyuq su üstümə sıçrayır. Onun yanında oturan mənim kim olduğumu ona deyəndə gör nə cavab verir: Hacı Kamyabın arvadı çox böyük vücuddur, guya xan arvadıdır, şah arvadıdır. Belə deyincə deyin baqqal İbrahimin qardaşı arvadıdır! Hacı Kamyab. Elə bu? Dedim görəsən nə qiyamət olubdur. Bibixatun. Hələ bu azdır?! Yox, istərdin ki, əlindəki kasa ilə vurub başımı yaraydı. Təqsir hamısı səndədir. Hacı Rza kimi adamlara üz verəndə arvadları da adamın başına çıxarlar. Dövlətli kişisən, Xudayar xan kimi adam sənin evinə qonaq gəlir. Özünü elə saxlasanamı ki, xalq da səni saysın! Hələ mən bundan bədtərindən qorxuram! Hacı Kamyab. O nədir? Bibixatun. Bir azdan sonra da qızını götürüb verəcəksən qardaşın oğlu qotur Kamra na. Ondan sonra hünəri olan evdən bayıra çıxsın. Adım olacaq qotur Kamra nın qaynanası. Bəxtəvər başımıza, qır satıb qazanc eləyəcəyik. Hacı Kamyab. Sözünü qurtardın? Bibixatun. Qurtardım, nə olsun? Hacı Kamyab. İndi mənə danışmağa macal verərsən? Bibixatun. Danış görüm, nə deyəcəksən. Hacı Kamyab (mücrünü verir arvadına). Al bax. Bibixatun. Neyləyim bunu? Hacı Kamyab. Aç içinə bax. Bibixatun (mücrünü açıb cavahiratı görür). Bu nədir, a kişi? Hacı Kamyab. Bu, nişandır. Xudayar xan bizim qızımızı oğluna istəməyə gəlmişdi. Mən də söz verdim. Bibixatun. Aldadırsan məni. Hanı səndə elə şüur?! Görəsən kİmdir, gətirib girov qoyubdur. Hacı Kamyab. Doğru deyirəm. Payız daxil olan kimi toyunu da eləyəcəyik. Bir az bundan qabaq Kamrana əndərunə girməyi qadağan etdim. O da deyəsən küsüb həmişəlik buradan getdi. Bibixatun. Cəhənnəmə getsin, gora getsin. Bundan sonra görüm hansı ləçər hamama girəndə ayağıma durub mənə yer göstərməyəcək! Bax, ömründə gördüyün ağıllı iş bircə budur. Bərəkallah, kişi. Bundan sonra hamıdan hayfımı alacağam. Xudayar xanın oğlunun qayınanası! Zarafat deyil. Hacı Kamyab. Mən gedirəm, qızını çağır, özün necə bilirsən xəbər ver. (Hacı gedir.) Bibixatun (çağırır). Gövhərtac, a qızım, bir bura gəl. Gövhərtac (daxil olur). Nə buyurursan, ana can? Bibixatun. Bir gəl gör bu cavahirat xoşuna gəlirmi? Gö vhərtac. Bunlar kimin üçündür? Bibixatun. Belə sənin üçün! Göv hərtac. Ağam alıbdır? Bibixatun. Bəs kim alacaqdır?! Bir otur, qızım. Bu gərdənbəndi boynuna keçirt. Bəh, bəh, nə gözəldir! Bu gülü də döşünə tax. Bu sırğaları da gətir qulaqlarına taxım. Bu üzükləri də barmağına tax. Afərin, qızım. İndi hər kəs səni görsə deyər, bu, mələkdir, göydən enib. Mən sənin ananam, səni bu mərtəbədə gözəl bilmirdim. Bilirsənmi, qızım, bu nədir? Bu, nişandır, Xudayar xan gətiribdir. Atan səni Xudayar xanın oğluna verir. Gör sənə nə böyük bəxt açılır. (Gövhərtac söz deməyərək anasının döşünə qısılıb ağlayır.) Ağla, qızım, elə belə olar. Atam məni sənin atana verəndə, mən də bir gün ağladım. Gö vhərtac. Bunu Kamran bilirmi? Bibixatun. Kamran kimdir?! O nə itdir, bu sözü dilinə gətirirsən! Atan sənin başını it qibləsinə kəsər. Sən gərək fəxr eləyəsən ki, xan arvadı olub hökumət işlədəcəksən. Neçə min adam sənə baş əyəcək. Anan bir yerə gələndə hamı onun ayağına qalxacaq. Hacı Rzanın arvadı kimi itlər cürət edib mənə deyə bilməyəcəklər ki, başını kənarda yu. Hamamçıya sifariş gedəcək: Xudayar xanın oğlunun qayınanası hamama gəlir. Gərək hamama bir nəfər buraxılmasın. Bircə buraya bax. (Qalxıb əlini belinə vurur.) Ay camaat, geri çəkilin, Xudayar xanın oğlunun qayınanası gəlir! Gövhərtac üzünü örtmüş ağlayaraq otaqdan çıxır. Pərdə * * * Üçüncü pərdə Doqquzuncu şəkıl Hacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun. Bibixatun. Qızımın nə dərdi olacaq? Deməsə də mən bilirəm. Qızım məhz Allahına təpik atır. Onun dərdi qotur Kamrandır, vəssalam. Nökər (daxil olur). Həkimbaşı Mirzə Mehdi. Hacı Kamyab. Buyursun, buyursun. Mirzə Mehdi (daxil olur). Salaməleyküm. Xeyr ola, hacı? Hacı Kamyab. Həkimi xeyrə çağırmazlar. Bizim qız bir-iki gündür xəstələnibdir. Zəhmət olmasa ona bir baxasınız. Mirzə Mehdi. Baş üstə. Allah onu öz pənahında saxlasın. Nə olacaq! Yəqin özünü soyuğa veribdir, ya səfrası artıbdır. Xəstə haradadır? Hacı Kamyab. Bu otaqdadır, buyurun. (Mirzə Mehdi gedir.) Əgər Mirzə Mehdinin dərmanının təsiri olmasa, teleqraf çəkəcəyəm, Tehrandan şahın xüsusi həkimi gəlsin. Parisdən, Londondan həkim gətirəcəyəm. Bəs bu cəm etdiyim dövlət nə üçündür? Bibixatun. Teleqraf çəkib Loğmanı qəbirdən dirildib gətirəsən, ya yazıb göydən Cəbraili gətirdəsən, ona əlac olmayacaq. O gərək hər yerdə anasının başını aşağı saldıra. İndi sən gir onun yanına, deyilən: “A qızım, səni verirəm Kamrana”. Əgər o saat durub sağ-salamat oturmasa, gəl yüz dəfə mənim üzümə tüpür. Hacı Kamyab. Boş danışırsan, arvad, Kamran nədir? Mən onu xan arvadı, rəiyyət, əmlak sahibi eləyirəm, sən də başlayıbsan Kamran belə gəldi, Kamran belə getdi. Bibixatun. Düzünü mən deyirəm. Lalın dilini anası bilər. Onun da dilini mən bilirəm. Gərək Hacı Rzanın arvadı kimi it məni hamamda təpik ilə vura, Hacı Xudadadın arvadı məni görəndə ağzını yanaca verə. O da baqqal İbrahimin evində oturub qotur Kamran ilə mazaqlaşa. Doğru deyiblər ki: “Qızı öz xoşuna qoyarsan, ya zurnaçıya gedər, ya nağaraçıya”. Mirzə Mehdi (içəridən çıxır). Naxoşa baxdım. Hacı Kamyab. Nə tapdınız, mirzə? Mirzə Mehdi. Xatircəm olun, xəstəliyi yoxdur. Nəbzi salamatdır. Hərarəti az, xırdaca ürək döyünməsi var, o da rəf olub gedər. Onun ümdə naxoşluğu yuxusuzluqdur. Iki gecə rahat yatsa, sağalıb oturacaqdır. Budur, dərman yazmışam. Gündə üç qaşıq verərsiniz içər. Bu dərman əlbəttə ona yuxu gətirəcəkdir. Əlavə, onu qoymayın artıq fikir edə. Ürəyi istəyən qızlardan, gəlinlərdən onun başına cəm edin, danışsınlar, gülsünlər, oynasınlar. Yenə deyirəm, təşviş etməyin, axırı xeyir olar. Iki gündən sonra yenə gələrəm. Xudahafiz. Hacı Kamyab. Zəhmət çəkdiniz, mirzə. Məni xatircəm etdiniz. (Pul verir.) Mirzə Mehdi. Bu nəyə lazımdır, hacı? Mən bu evin çörəyini az yemişəm ki, mənə pul verirsiniz? Hacı Kamyab. Yox, mirzə, xahiş edirəm qəbul edəsiniz. Mirzə Mehdi. Ərz edirəm ki, almaram. Hacı Kamyab. Almasanız, doğrudan sizdən inciyərəm və yəqin edərəm ki, qızımın xəstəliyi ağırdır. Mirzə Mehdi. Xub, belə olan surətdə sözüm yoxdur. (Pulu alıb gedir.) Hacı Kamyab (arvadına). Sən get qızın yanına. Mən də dərmanı göndərim əczaxanada hazırlasınlar. Bibixatun. Dərman-mərman hamısı nahaqdır. İndi gör söz mən deyəndir, yoxsa yox? Onu həmişə, başın yerə qoyan kimi, yuxu aparardı. İndi nə olub yatmayır? Qotur Kamranın eşqi düşüb beyninə, yatmayır. Hacı Kamyab. Rəhmətlik qızı, Kamran, Kamran, – deyə oturubsan. Bilmirəm Kamran sənə neyləyib? Bibixatun. Kamran mənə neyləyəcək? Atamı öldürməyib, anamı öldürməyib. Məni yandıran odur ki, mənim qızım heç anasının rüsvay olacağını fikrinə gətirmir. Qoy Hacı Rzanın arvadı hamamda məni təpikləsin, ancaq onun keyfi kök olsun. Hacı Kamyab. Ay arvad, burada eşq söhbəti yoxdur. Qızım Kamranı da görür, Xudayar xanın oğlunu da. Gövhərtac ilə Kamran bir yerdə böyüyüblər. Iki yoldaş biri-birindən ayrılanda, söz yox, xiffət edir. Bir neçə gün keçər, adət edib oturar yerində. Bibixatun. Sən belə bil. Mən də bildiyimi bilim... Get dərman hazırlat. Belə dərmanlardan çox hazırladacaqsan. (Qızının otağına tərəf gedir və gedə-gedə) Sənin hər iki dünyada üzün qara olsun, qız! Südüm gözündən gəlsin! (Gedir. Hacı Kamyab da çıxır.) Pərdə Onuncu şəkil Baqqal İbrahimin evi. Kamran əyləşib. “Leyli və Məcnun” oxuyur. Kamran: Ləzzət rüxi-yari-dilsitandan, Candır bulan, ey diriğ candan!.. Canım gedəli bəsi zamandır, Cismimdəki indi özgə candır... Məndə olan aşikar sənsən, Mən xud yoxam, ol ki var, sənsən! Ah çəkir. Cahanbanu ( daxil olur). Ay oğul, əmin bu gün yenə adam göndərmişdi. Deyir neçə gündür işə gəlmir. Kamran. Nəyə gedəcəyəm? Mənim orada bir işim qalmayıb. Cahanbanu. Necə işin qalmayıb? Bəs İndiyədək orada nə iş görürdün? Kamran. Ana can, gəl otur, dərdimi sənə deyim. Düzü budur ki, əmim məni evindən qovdu. Cahanbanu. Evindən qovdu, bəs niyə yenə çağırır? Kamran. Ana can, adam kasıb olanda gərək hamı onun başına qapaz vursun? İndi mən neyləyim ki, mənim atam baqqal İbrahim xalqın qanını sormayıb, cibini soymayıb, malını oğurlamayıb, bir balaca baqqal dükanına qənaət edib külfət saxlayır? Cahanbanu. Odur ki, bir adam da sənin atayın adına pis söz demir. Kamran. Atamın adına pis söz demirlər, məni də yavuğa qoymayırlar. Ana can, mən indiyədək Gövhərtac ilə bir yerdə böyümüşəm. O məni sevir, mən də onun dərdindən ölürəm. Siz də hamınız güman edirdiniz ki, o, əlbəttə, qızını mənə verəcək. Bir neçə gün bundan əqdəm məni çağırıb buyurdu ki, onun evinin əndəruninə daxil olmayım, guya mən onun arvadına, qızına naməhrəməm. İndi də çağırır ki, gəl məvacib verim, mənim kontorumda qulluq elə. Mən necə gedim? Cahanbanu. Ay bala, bu dərdini mənə çoxdan deyəydin. İstəyirsən elə bu gün çadramı salım başıma, gedim Bibixatunun yanına, qızına elçi düşüm. Kamran. Zəhmət çəkmə, ana, mənim naməhrəmliyim bəhanə idi. Əmim, qızını Xudayar xanın oğluna verir, ona görə də məni evindən qovdu. Cahanbanu. Bu nə sözdür, ay oğul? Xudayar xan kimi böyük şəxs Hacı Kamyabın qızını alarmı? Onun xan yoldaşı azmıdır? Kamran. Ana can, bu dünya pul dünyasıdır. Xudayar xan dövlətli, əmim dövlətli və varisi də bir tək qızı. Xudayar xana iki dövləti biri-birinə qarışdırmaq lazımdır. İş qurtarıb gedib, ana. Ancaq bu dərdə mən davam edə bilməyəcəyəm. İbrahim (daxil olur). Yenə ana-bala nə söhbət eləyirsiniz? Cahanbanu. Nə söhbət olacaq, oğlum anasına dərdini deyir. İbrahim. Cavan oğlanın dərdi cavan qız olar. Evlənmək istəyir, get bir halal süd əmmiş qız al, gətir qoy evinə. Cahanbanu. Belə oğlun əmisi qızının dərdindən ölür. Mənə də dediyi odur. İbrahim. Keçinin qoturu bulağın gözündən su içər. Bala, bircə papağını qoy qabağına, fikir elə. Hacı Kamyab sənə nə üçün qız versin? Onun qardaşı oğlusan? O, Hacı Kamyab, sən baqqal İbrahimin oğlu. O, özü kimi bir dövlətli tapıb qızını verəcək. Hər kəsin öz tayıtuşu olar. Sənə hacı qızı yaramaz. Sənə mənim kimi bir baqqalın qızı lazımdır. Əmin qızının vədəsini Xudayar xanın oğluna veribdir. Dərdqəm çəkməyin mənası yoxdur. (Arvadına) Bunu da deyirlər ki, həmin gündən qız xəstələnib yatır. Həkimbaşı Mirzə Mehdi gündə onun yanındadır. Hər çe müalicə edir, bir nəticə vermir. Kamran. Gövhərtac xəstədir?! Afərin vəfasına. İbrahim. Ay oğul, bilirsən nə var? İndi bu saat mən Hacı Kamyabın yanından gəlirəm. Özü məni çağırmışdı. Deyir: bilmirəm nə var ki, Kamran küsüb, çağırıram da gəlməyir. Deyir, mən ona məvacib kəsirdim və gəldikcə də mərtəbəsini artıracaq idim. İndi ki gəlmək istəmir, özü bilsin. Kamran, deyir, qoçaq, bacarıqlı, əlindən hər iş gələn bir oğlandır. Doğrusu, mənim namusum qəbul etməz ki, desinlər: Hacı Kamyabın qardaşı oğlu avara gəzir. Apar, – dedi, – bu iki min tüməni ver oğluna, əlində maya qayırıb ticarət etsin. Deyir: yəqinimdir ki, az keçməz Kamran adlı bir tacir olar. (Pul verir.) Kamran. Ata, apar bu saat o pulu ver hacı Kamyaba, qoysun dövlətinin üstünə. Buna haqqı-sükut, ağızyumma deyərlər. Mən onun nə iki min tüməninə və nə iki yüz min tüməninə möhtac deyiləm. Mənim başım da, möhkəm qollarım da var. Işlərəm, başımı saxlaram. Ver pulunu özünə, deyinən çox sağ olsun. Cahanbanu. Ay bala, nə danışırsan? Sənin atan İbrahim ömründə iki min tümən görməyib. Niyə belə danışırsan? İbrahim. Oğlum, bu az pul deyil. Bununla sən böyük ticarət aça bilərsən. Yoxsa bunu az hesab eləyirsən? Kamran. Mən sənə necə dedim, elə də elərsən. Apar ver əmimə, deyinən qoysun dövlətinin üstünə, azalmasın. (Qapı döyülür, Kamran çıxır.) İbrahim. Ay arvad, oğluna sən nəsihət elə, uşağın ağlı özündə deyil. Kamran (qayıdır). Yoldaşlarım gəlirlər. Siz gedin. Sonra söhbət edərik. (İbrahim və Cahanbanu gedirlər. Daxil olurlar: Cahanbəxş, F əramərz, Xurşid). Buyurun, buyurun. Cahanbəxş. Oğlan, harada qalıbsan? Bu gün neçə gündür görünmürsən. Biz fikir etdik xəstələnibsən. Kamran. Elə xəstə kimi varam. Cahanbəxş. Yəni necə? Kamran. Ta mən nə söyləyim? Neçə gündür ovqat təlxliyim var. Ona görə evdən çıxmıram. Fəramərz. Ovqat təlxliyinin səbəbini biz hamımız bilirik. Kamran. Bilirsiniz, daha nə xəbər alırsınız? Fəramərz. Biz gəlmişik sənin dərdinə bir çarə tapaq. Sənin namusun bizim hamımızın namusudur. Tamam şəhərə məlumdur ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir. Hacının arvadı danışmamış yer qoymayıbdır. Hacı çox da olsun dövlətli, sən kasıb. Əmi qızı əmi oğluna düşər. Biz bilirik, sən bu işlərdən sınıbsan və bu məsələ bizim hamımızı sındırıbdır. Kamran. Sizin əlinizdən nə gələ bilər? Xurşid. Mən bu gün Hacı Kamyaba bir adsız kağız yazaram ki, qızını Kamran a ver, ya özünü ölmüş bil. Fəramərz. Qəribə təklifdir! Istəyirsən sabah gəlib Kamranı aparıb bassınlar həbsə? Xurşid. Sən buyur, cənab Fəramərz! Fəramərz. Əlacı qızı götürüb qaçmaqdır. Kamran ilə qızı elə gizlərik ki, şeytan da tapa bilməz. Bir neçə ay keçdikdən sonra üzə çıxardarıq. Xurşid. Bilirsənmi ki, onda Xudayar xanın atlıları hacı Kamyabda istitaət qoymazlar? Fəramərz. Cəhənnəmə qoymasınlar. Kamran a hacı Kamyabın məgər dövləti lazımdır? Ancaq onun və bizim namusumuz tapdalanmasın. Kamran. Qardaşlarım, sizdən çox razıyam. Ancaq iş-işdən keçib. Qız götürüb qaçmaq istəyən gərək qız ilə bir əlaqə bağlasın. Məni hacı Kamyabın evinə yavuq qoymazlar. Amma qızın yanına mən adamımı göndərə bilərəm. Fəramərz. Sən bir yol tap, biz də sənə kömək eləyək. Qızı götürüb qaçaq, aparaq elə bir möhkəm yerə ki, heç kəs oraya yaxın çıxmasın. Cahanbəxş. Hanı o qüvvətli yer ki, Hacı Kamyabın oraya əli çatmasın? Fəramərz. O qüvvətli yeri mən ərz eləyim. O yer Hacı Mirzə Əhməd ağa müctəhidin evi. Hacı Kamyab heç bir cürətlə müctəhidin evinə hücum edə bilməz. Xurşid. K a m r a n, sən fikirləş, qız ilə əlaqə bağlamağa yol ara, qalan iş asandır. İndi bir boş çanağı dolu çanağa vurarıq, pənah Allaha. Gedək, uşaqlar. Ancaq iş baş tutmasa da qəm yemə. Gedirlər. Kamran (bir qədər fikirdən sonra). Ata. İbrahim (daxil olur). Nədir, ay bala? Kamran. Deyirlər Gövhərtac xəstə yatır. İbrahim. Bəli, neçə gündür xəstədir. Kamran. Həkimbaşı Mirzə Mehdi onu müalicə edir? İbrahim. Bəli. Kamran. Çox yaxşı, heç zad olmaz, bir az yatıb sağalacaq. Ata, əmim sənə verdiyi iki min tüməni neylədin? İbrahim. Məndədir, oğul. (Pulu çıxarır.) Kamran. Ver buraya. (Alır.) İbrahim. Bax belə. Ay oğul, hər adamın bir tayı olar. Yəqin bu yoldaşlarının evində qızları var. Birinə elçi düşərik, alarsan, dərd-qəmin yadından çıxar. Əlində də ki, maya var, alış-veriş edərsən. Kamran. Gözəl alış-veriş edəcəyəm, ata, görərsən. Pərdə On birinci şəkil Həkimbaşı Mirzə Mehdinin evi. Mirzə Mehdi öz otağında əyləşib xəstələri qəbul edir. Mirzə Mehdi və bir nəfər xəstə. Mirzə Mehdi. Sənin xəstəliyin elə ağır bir xəstəlik deyil. Bir neçə günə bilmərrə sağalarsan. (Nüsxə verir.) Burada həb yazmışam. Gündə üç dəfə çörəkdən sonra bu həbdən iki dənəsini atarsan, xəstəlik rədd olub gedər. Xəstə. Zəhmət verdim, mirzə, mərhəmətiniz artıq olsun. (Pul verir, mirzə pulu alıb döşəyin altına qoyur.) Birqadın (daxil olur). Mirzə, Qurbanın olum, səni deyib gəmişəm, ya məni burada öldür, ya dərdimə bir əlac elə. Mirzə Mehdi. Bacı, təbib yanına gəlibsən, dərdini söylə, uzun dibaçə lazım deyil. Qadın. Oxuduğuna Qurban olum, mirzə, gözümün ağı-qarası bircə oğlum var. Dünən yoldaşları ilə nahardan sonra gedib hamama, oradan qayıdan kimi dili tutulub, ölü kimi düşübdür. Amanın günüdür, mirzə. Mirzə Mehdi. Bacı, sən nahaq mənim yanıma gəlibsən. Oğlun bir heyvanın çörəyini yeyib gedib hamama, çıxıb özünü verib soyuğa, olub heyzə, zatülcənb. Sən get bir baytar tap, apar oğluna müalicə eləsin. Ona insan müalicəsi kar eləməz. Heyvan müalicəsi lazımdır. Qadın. Mirzə, mənim əlimi ətəyindən üzmə, izin ver, ayaqlarına sərilim. Al, bu balaca xərcliyi də ətə ver. Mirzə Mehdi. Bu azdır. Mən belə pullara həkimlik eləmərəm. Qadın. Artıq pulum yoxdur, Qurbanın olum. Yoxsul, dul arvadam. Mirzə Mehdi. Yoxsulsan, get Mirzə Heydərquludan, Mirzə Ələkbərdən birisini apar, oğluna müalicə eləsin. Mənim həqqül qədəmim üç tüməndir. Onlar yarım tümənə də gedirlər. Qadın. Əlacım nədir, Qurbanın olum? Qalanını də gələrsən, evdə verərəm. Mirzə Mehdi. Evin haradadır? Qadın. Evim Zərgəran məhəlləsində, Hacı Kamyab ilə qapıqapıyadır. Mirzə Mehdi. Xub, get, məni evində gözlə. Bir azdan sonra mən hacı Kamyabın evinə gedəcəyəm. Oradan çıxanda, sənin də naxoşuna baxaram. Qadın. Qədəminə Qurban olum, mirzə, mürəxxəs olum. Mirzə Mehdi. Xoş gəldin. Qadın gedir, Kamran. daxil olur. Kamran. Salaməleyküm, mirzə əmi. Mirzə Mehdi. Bay, əleykəssalam, qardaş oğlu. Sən nə əcəb buraya gəlibsən? Məgər sən xəstələnmişsən? Gəl-gəl, yavuğa gəl. Burada, yanımda əyləş. Söylə görək nə xəbərdir, dərdin nədir? Kamran. Mirzə əmi, mənim dərdim böyük dərddir, çarəsi ancaq sizdədir. Siz müalicə etməsəniz, yəqin ki, öləcəyəm. Ancaq, doğrusu, açıb deməyə utanıram. Mirzə Mehdi. Qardaş oğlu, adam dərdini həkimdən gizlətməz və gizlənən dərdə də çarə olmaz. De görüm, oğlum, dərdin nədir? Kamran. Siz özünüz bilirsiniz ki, bu boyda uşaqlıqdan əmim Hacı Kamyabın evində qızı Gövhərtac ilə bir yerdə böyümüşəm və uşaqlıqdan bir-birimizə məhəbbət yetirmişik. Bu məhəbbət get-gedə özünün təbii yoluna düşdü. Bağışlayın, mirzə əmi, baş ağrısı verirəm və sizin vaxtınızı əlinizdən alıram. Mirzə Mehdi. Söylə, oğlum, söylə eybi yoxdur. Kamran. Bəli, axırda biz biri-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genizdi. Bu da təbiidir. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi biri-birimizdən ayırmayacaq və cəmi qohum-əqrəbanın da yəqini bunda idi ki, hamı deyirdi: Hacı Kamyab heç vaxt istəməz ki, dövləti kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını qardaşı oğluna verəcək. İndi əmim qızını Xudayar xanın oğluna verir. Ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da həmin gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgərinki məhəbbət. Mirzə Mehdi. Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir? Kamran. Mirzə əmi, bu yerdə ancaq siz mənə kömək verə biləcəksiniz. Mirzə Mehdi. Mən nə kömək verə bilərəm? Kamran. Siz Gövhərtaca müalicə edirsiniz. Onunla hər gün görüşmək imkanı sizdə var. Mənim bircə sifarişimi ona yetirin. Mirzə Mehdi. Nə sifarişin var? Deyilən, yetirim. Kamran. Allah sizdən razı olsun, mirzə əmi. Mən sabah gecə onu neçə nəfər rəfiqlərimin köməyi ilə aparmağı qət etmişəm. Sizdən xahişim budur: ona deyərsiniz azandan bir saat keçmiş əndərunun küçə qapısında olsun. Mirzə Mehdi (hiddətli). Bu nə növ təklifdir mənə eləyirsən?! Mənim boynuma atdığım vəzifənin qəbahətini düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir. Amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək, get. Gör bir küpəgirən qarı tapa bilərsənmi ki, belə sifarişləri onunla göndərəsən. Kamran. Mirzə əmi, məgər siz cavan olmayıbsınız? Məgər cavanlıq, məhəbbət nə olduğunu bilmirsiniz? Siz görürsünüz ki, mən cavanam, bu saat başıma hava vurub, danışığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərizlərə dərman edirsiniz. Vəxt ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü deməyi siz necə qəbul etmirsiniz? Rəhmətiniz gəlsin, mirzə əmi. Bu xırdaca töhfəni də məndən qəbul edin. (Atasından aldığı pulları həkimbaşıya təqdim edir.) Mirzə Mehdi. Oğul, bu yol nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır. Kamran. Yox, mirzə əmi, xahiş edirəm qəbul edəsiniz. Bu xırdaca töhfə mərəzimə müalicə etmənizin həqqi, zəhməti olsun. Mirzə Mehdi (pulları götürür). Əlbəttə, oğlum, sifarişini yetirrəm. Kamran. Allah sizdən razı olsun, mirzə əmi, izin verin əlinizdən öpüm. Mirzə Mehdi. Yox, yox, oğlum, lazım deyil. Kamran zorən onun əlini öpür. Kamran. Qulluğunuzdan mürəxxəs olum. Mirzə Mehdi. Xoş gəldin, oğul, səni xoşbəxt olasan. (Kamran çıxır, bir başqa xəstə daxil olur.) Gəl əyləş görüm... Pərdə On ikinci şəkil Hacı Kamyabın evi. Bibixatun və Gövhərtac. Gövhərtac. Həkimbaşının dünən mənə verdiyi nə gözəl dərman idi! Bir qaşıq içəntək naxoşluğum bilmərrə rəf oldu getdi. İndi daha heç yerim ağrımır. Bibixatun. Atan da buyurdu, bir yaxşı qoyun aparıb, məscid həyətində kəsib, füqəraya paylasınlar. Bir atlı da Xudayar xanın yanına göndər ki, sənin salamat çıxdığını xəbər versin. Yoxsa yazıq xanın gündə adamı gəlirdi. Gövhərtac. Vallah, ana can, Mirzə Mehdi kimi həkim Yer üzündə yoxdu. Atam istəyirdi Parisdənmi, haradanmı həkim gətirtsin. Onların heç birisi mənim dərdimi tapmayacaqdı. Amma Mirzə Mehdi belə asanlıqla tapıb, məni diriltdi. Bibixatun. Mirzə Mehdinin xidmətinə bu anayın canı Qurban. Gövhərtac. İndi, ana can, yemək, içmək istəyirəm. Könlümdən oxumaq, oynamaq keçir. Bibixatun. Həkimbaşı da elə buyururdu. Deyirdi gərək Gövhərtacın başını qarışdırasınız oxumağa, çalmağa. Gərək xiffət eləməsin. Gö vhərtac. Kimin xiffətin eləyəcəyəm? Bibixatun. Nə bilim? Bir para Hacı Rzanın, Xudadadın arvadları kimi ağzı göyçəklər orada, burada danışırdılar ki, guya sən qotur Kamra nın dərdindən xəstələnibsən. Gövhərtac. K a m r a n nədir? Adam onun dərdindən xəstə olar? O gedəndən bir az bikef oldum. Çünki həmişə onunla bir yerdə olurduq, uşaqlıqda bir yerdə oynayırdıq, atılıb-düşürdük. Sonra yadımdan elə çıxdı ki, heç bilmirəm Kamran. adlı dünyada adam varmı. Bibixatun. Atan istərdimi ki, sən gedib qotur Kamran a arvad olaydın?! Səni verdi Xudayar xan kimi kişinin oğluna. Gedəcəksən, qılıncının dalı da kəsəcək, qabağı da. Qoy Hacı Rzanın arvadının canı çıxsın. Gövhərtac. Ana can, mən bu gün atama deyəndə ki, sağalmışam atam dedi sənin sağalmağına görə mən böyük ziyafət düzəldib, tamam şəhərin qızgəlinlərini bura dolduracağam, kef eləsinlər. Bibixatun. Elədir, bala. Odur bax, yavaş-yavaş gəlirlər. Neçə nəfər qız gəlib Gövhərtac ilə öpüşürlər. Qızlardanbiri. Gözümüz aydın, ay Gövhərtac, şükür Allaha, salamat çıxdın. Bibixatun. Şükür içində olasan, a qızım, Allah sənə də bir belə bəxt açsın. (Pəncərədən baxır.) Ora bax, ora. Hacı Rzanın arvadı ilə Hacı Xudadadın arvadı gəlir. İndiyədək dalda ağızlarına gələni mənim haqqımda söyləyirdilər. İndi gəlib iki min yaltaqlıq eləyəcəklər. Hacı Rzanınarvadı. Ay Bibixatun, and olsun oğlumun canına, Hacı gəlib mənə deyəndə ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir, elə bildim dünyanı mənə verdilər. O qədər şad oldum. Sən bilirsən ki, mən səni bacımdan artıq istəyirəm. Allah qızını xoşbəxt eləsin. Sonra onun xəstələndiyini eşidib çox qəmgin oldum. İndi şükür olsun Allaha, salamat çıxdı. Bibixatun. Mənim qızımın Xudayar xanın oğluna verildiyinə çox adam köks ötürür. Guya Hacı Kamyab Xudayar xandan əskik kişidir. Xudayar xanın mülkündən, dövlətindən Hacı Kamyabınkı çoxdur. Siz elə bilirsiniz ki, mən çox şadam? Mən heç Xudayar xanın oğlunu qızıma layiq bilmirəm. Hacı Xudadadınarvadı. Nə sözdür, Hacı Kamyabın özü də bir xandır. Qadınlar, qızlar bir-bir daxil olub Gövhərtac ilə, anası ilə öpüşürlər. Bir dəstə Qadın sazandası gəlir. Bibixatun. Əyləşin, şam hazır olunca doyunca çalın, oynayın. Sazandalar çalırlar. Böyük rəqs. Hacı Rzanınarvadı. A Bibixatun, qızıyın şadlıq günüdür, sən niyə bir durub oynamırsan? Bibixatun. Oynamaq mənim harama yaraşır? Heç mənim bir yerdə oynadığımı görübsən? Hacı Xudadadınarvadı. Elə demə, Bibixatun, Hacı Səttarın oğlunun toyunda heç kəsə macal vermirdin. İndi nə olubdur oynamırsan? Bibixatun. O bir başqa vaxt idi, keçdi. Hacı Rzanınarvadı. A Bibixatun, ondan bəri qocalmadın ki? Ana məgər qızının şad günündə şad olmaz, dur ayağa, bir-ikibaş oyna. Hər bir tərəfdən. Bibixatun oynayacaq, Bibixatun oynayacaq. Hacı Rzanın və Hacı Xudadadın arvadları onun qolundan tutub durğuzurlar. Bibixatun. Hərçənd mənə layiq eləməz, ancaq xahiş eləyirsiniz, oynaram. Sazandalar çalırlar, Bibixatun oynayır. Hacı Rzanınarvadı (Hacı Xudadadın arvadına). Eşitdin? Hacı Xudadadınarvadı. Eşitdim. Hacı Rzanınarvadı. Yəni mən xan qayınanasıyam, belə adamların məclisində oynamaq mənə yaramaz. Gör nə sümük sındırmadan oynayır. Hacı Xudadadınarvadı. Bəli, Ərdəbil pişiyi, küftə görməmiş. Bibixatun (yorulmuş oturur). Bu da mən, sizin xatiriniz üçün oynadım. Hamı. Sağ olsun Bibixatun, sağ olsun Bibixatun! Yenə böyük rəqs. Qızlardanbiri. İndi növbət Gövhərtacındır, gərək o oynasın. Bibixatun. Gövhərtac, qızım, gəl. (Çağırır.) Ay qız, Gövhərtac, Gövhərtac! Bu qız necə oldu? Bircə otağına baxın, yoxsa ürəyi pis oldu? Bir nəfər qızlardan otağa baxıb qayıdır. Qızlardanbiri. Öz otağında da yoxdur. Bibixatun (təşvişə düşür). Ay uşaq, bu evləri dürüst axtarın. Bu qız hara getdi?! Neçə nəfər çıxır. Hacı Rzanınarvadı. Hara getmiş olacaq? Hacı Xudadadınarvadı. Harda olsa İndi gəlib çıxar, evdən qaçmayacaqdır ki! Qulluqçularqayıdırlar. Xanım, otaqların hamısını axtardıq, heç yerdə yoxdur. Bibixatun. Bəlkə bağçaya çıxıbdır? Qulluqçu. Bağçada da yoxdur. Bibixatun. Bəs bu qız yerə batmadı, göyə çıxmadı?! (Qadınların arasına qarışıqlıq düşür.) Tez Hacı Kamyaba xəbər verin. Hacı Rzanınarvadı. Mən imanım, qız qaçdı. Hacı Xudadadınarvadı. Qəbrinə qaçsın, hara qaçacaq? Hacı Rzanınarvadı. Belə sevgilisi K a m r a nın evinə. Hacı Xudadadınarvadı. Sən də danışdığını bilmirsən, Xudayar xanın oğlunu buraxıb itin birinə gedəcək?! Hacı Rzanınarvadı. Bilirsən ki, qızı öz xoşuna qoysalar, ya zurnaçıya gedər, ya balabançıya. Qulluqçular. Hacı ağa gəlir. Qadı nlar hamısı çıxırlar, Bibixatundan savay. Hacı Kamyab. Bu nə xəbərdir? Qız yoxdur nədir? Bibixatun. Gəl ay başı daşlının oğlu, başına çarə qıl, gör qızın necə oldu? Hacı Kamyab. Qızım necə olacaq? Bibixatun. Necə olacaq? Elə olacaq ki, çıxıb evdən qaçıb. Get axtar tap! Hacı Kamyab. Vay mənim başıma, sinəmdə ilan bəslədim. Qızı yəqin Kamran apardı. Bu saat şəhəri adam ilə dolduraram, hər yerə atlılar göndərrəm. Qızımın ölüsünü, ya dirisini tapıb gətirərlər. Qəm yemə, arvad. Mənə Hacı Kamyab deyərlər. Dünyanın altını üstünə çevirərəm! (Çıxır.) Bibixatun (qışqırır). Aman Allah, aman! Allah, mənim başıma bir daş sal, Allah! Yer ayrılsın, məni udsun! Pərvərdigara, Əzraili göndər gəlsin, mənim canımı alsın! Xudaya, mən bundan sonra Hacı Rzanın, Hacı Xudadadın arvadlarının üzlərinə nə gözlə baxacağam?! Aman Allah, aman, Allah aman! (Çıxır.) Pərdə * * * Dördüncü pərdə On üçüncü şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və Kamran. Kamran Ağa, bir qələt işdir tutmuşam. Sizi narahat etdiyimi əfv edəsiniz. Nə edim, mənim bir başqa yolum yox idi. Əmim qızını götürüb qaçmağa məcbur idim. Əmimin də qüvvətinə siz bələdsiniz. Onu hər kəsin evinə aparsaydım, əmim gedib çıxardacaqdı. Labüd qalıb sizin sayəyihimayənizə qaçdım. Müctəhid. Eybi yoxdur, oğlum, çox gözəl fikir edibsən. Kamran. Sizin eviniz bəstdir. Sizə pənah gətirən qatil olsa, hökumət ərkanı gəlib apara bilməz. Müctəhid. Sən xatircəm ol, oğul. Mən Hacı Kamyaba adam göndərmişəm. İndi gələcək bura. Mən onunla müfəssəl söhbət edərəm. Belə güman edirəm ki, bir söz deməsin. Kamran. Sizin sözünüzün və əmrinizin qarşısında Hacı Kamyab nə danışa bilər? O ancaq Xudayar xanın oğluna söz verdiyini ərz edəcək. Müctəhid. Söz vermək başqa, qız vermək başqa. Vəqt ki, arada əqd nikah carı olmayıb, sözü dəyişdirmək mümkündür. Xüsusən ki, bizim el arasında məşhur məsəldir: əmioğlu ilə əmiqızının kəbinini göydə mələklər kəsiblər. Sən İndi get, cavab gözlə. Kamran. Mürəxxəs olum. Allah sizdən razı olsun, müctəhid ağa. (Baş əyib çıxır.) Nökər (daxil olur). Ağa, Hacı Kamyab izin istəyir. Müctəhid. Gəlsin, gəlsin. Hacı Kamyab (daxil olur). Salaməleyküm. Müctəhid. Və əleyküməssalam, buyur əyləş, hacı. (Hacı əyləşir.) Əhval və damağınız necədir? Hacı Kamyab. Ərz edim, ağa, mən nəinki öz vilayətimdə, hətta xarici məmləkətlərdə də ad, san sahibi idim. İndi mən binamus olmuşam. Camaat arasına çıxmağa xəcalət çəkirəm. Mən, görünür, sinəmdə ilan bəsləmişəm. On beş il zəhmətini çəkdiyim, oğul kimi saxladığım bir binamus məni rüsvayi-cahan etdi. Müctəhid. Hacı Kamyab. İşə dürüst diqqət etsəniz, bir qədər də təqsir sizin özünüzdədir. Sizin, şükür olsun xudavəndi aləmin dərgahına, çörəyiniz var, adınız, şöhrətiniz var. Sizə, qızınızı qardaşınız oğluna vermək vacibatdan idi. Mənim sizi çağırmaqdan məqsədim nə olduğunu söyləyim. Hacı Kamyab. Bəli, buyurun. Müctəhid. Sizin qızınız bu saat mənim hərəmxanamdadır. Lazım gələn məhəbbəti də ona göstərirlər. İndi mənim xahişim qızı Kamrana verməkdir və sizin də danışmağa haqqınız yoxdur. Hacı Kamyab. Cənab ağa, sizin xahişiniz mənim üçün əmrdir və sizin əmrinizdən də çıxmaq mənim üçün qəbahətdir. Sizə məlum olsun ki, neçə gün bundan əqdəm mən qızımı Xudayar xanın oğluna verməyə razı olmuşam. Siz çox gözəlcəsinə bilirsiniz, mənim cəmi sərvətimin səbəbi Xudayar xan ilə olan münasibətİmdir. Mən bu halda neçə kənd sahibiyəm, neçə əmlak sahibiyəm, hamısı Xudayar xanın dövlətindəndir. Belə olan surətdə mən sözümdən qaçamı bilərəm və qaçsam, bilirsiniz ki, Xudayar xan mənimlə ədavət başlayıb, tamam əmlakımı talan etdirəcək. Müctəhid. Mən Xudayar xana cavab verməyi öhdəmə alıram. Xudayar xan sənə bir çırtma vurmaz. Hacı Kamyab. Buna mən əminəm. Xudayar xan sizin əmrinizdən boyun qaçırmağa cürət edə bilməz. Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min tümən edir. Bunun hamısından mənim əlim çıxır. Müctəhid. Hacı Kamyab, siz necə güman edirsiniz? Xudayar xanın əmlakının məhsulatı ilə mövqufat əmlakının məhsulatında təfavüt varmı? Hacı Kamyab. Zəminü asiman. Söz yox ki, mövqufat əmlakının mədaxili ikiqat artıqdır. Müctəhid. Mən mövqufat əmlakının məhsulatının satışını sizə vagüzar edirəm. Mədaxiliniz daha da artar. İndi sözünüz nə ola bilər? Hacı Kamyab. İltifatınız artıq olsun, ağa. Heç sözüm ola bilməz. Fəqət bir ərzim var. Siz mənim qızımın başını kəsin, itlərə verin, mən bir söz demərəm. Ancaq mən qızımı məni rüsvay edənə, götürüb göydən yerə çırpana verməyəcəyəm. Müctəhid. Hacı Kamyab, belə danışmayın. Bu dəb peyğəmbər axirəzzəman səlavatullahdan qalmışdır. Cənab Rəsul qızını öz əmisi oğluna verib, hamıya da bunu tövsiyə buyurmuşdu. Əmioğlunu əmi qızından ayırmaq yaxşı deyil. Hacı Kamyab. Yenə ərz edirəm, sizin xahişiniz mənim üçün əmrdir. Amma mən qardaşım oğluna heç vaxt qız verməyə razı olmayacağam. İzin verin qulluğunuzdan mürəxxəs olum, ixtiyar sahibisiniz. Müctəhid. Hacı Kamyab, qeyziniz tutub, danışırsınız. Ancaq bir az keçəndən sonra qeyziniz soyuyacaq və Kamran sizə yenə köhnə qayda oğulluq edəcəkdir. Hacı Kamyab. Ağa, sizin əmrinizdən boyun qaçırmaq mənim üçün ölümdən bədtərdir. Ancaq namus ilə müdara etmək çətİndir. İzin veriniz rəfizəhmət edim. Xudahafiz. (İstəyir getsin.) Müctəhid. Bir qədər dayanın. (Hacı Kamyab dayanır. Müctəhid bir qədər fikirdən sonra) Siz qızınızın nikahının Kamrana oxunmasınariza vermirsiniz? Hacı Kamyab. Bəli. Müctəhid. Və bu sizin qəti cavabınızdır? Hacı Kamyab. Tərəfimdən biehtiramlıq olduğunu etiraf edirəm, fəqət cavabım qətidir. Müctəhid. Elə olan surətdə mənim bir başqa təklifimi qəbul edin. Hacı Kamyab. Buyurun. Müctəhid. Ərəblər deyərlər: xeyrül-ümur övsətüha. Yəni hər işin yaxşılığı onun ortasındadır. Siz qızınızı nə Xudayar xanın oğluna və nə Kamrana verin. Izin verin onun nikahını mən özümə oxuyum. Buna sözünüz nədir? (Hacı dayanıb baxır.) Nə üçün sükut etdiniz? Hacı Kamyab. Heç zad anlamıram. İzin verin bir qədər fikirləşim. Müctəhid. Fikirləşmək yeri yoxdur, mənim ciddi sözümdür. Mənim təklifi-şərim sizə itmami-höccət etmək idi. Onu da etdim. Bundan sonra bu təklifi etməyə haqlıyam. Xudayar xanın, Kamranın cavabını mən verrəm. (Hacı Kamyab dayanıb baxır.) Cavab gözləyirəm. Hacı Kamyab. Ağa, bu təklif mənim üçün böyük səadət və bu iki günün müddətində çəkdiyim müsibətin layiqli bir mükafatıdır. Mən danışa bilmərəm, qızımın başını kəsməyə haqlısınız. Müctəhid. Razısınız? Hacı Kamyab. Səmimi-qəlbdən. Müctəhid. Əlini mənə ver. (Hacı Kamyab istəyir onun əlindən öpsün, izin vermir.) Yox, yox, şiəlikdə əl öpmək haramdır. (Bərk əlini sıxır.) Çox mübarəkdir. Hacı Kamyab. Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum. Müctəhid. Xoş gəldin. (Hacı Kamyab baş əyib çıxır. Müctəhid əl çalır, nökər daxil olur.) Hacı Kamyabı yola sal. (Nökər istəyir çıxsın.) O buraya qız gətirən oğlan haradadır? Nökər. Bizim mənzilimizdə əyləşibdir. Müctəhid. Qız ilə görüşür, ya yox? Nökər. Hərdənbir əndərun bağçasına keçir, qız da oraya çıxır, görüşürlər. Müctəhid. Ona deyinən evdən bilmərrə çıxıb getsin və dübarə qayıdıb gəlmək istəsə, evə buraxma, eşitdin? Nökər. Bəli, ağa. Müctəhid. Di get. Pərdə On dördüncü şəkil Hacı Kamyabın evi. Bibixatun əyləşib, yanında iki kəniz. Xanım dinmir, danışmır, tez-tez “ox”, “ox” deyib, iki əlilə dizlərinə yumruq çırpır. Kəniz. Xanım, sakit olun, Allah kərİmdir, özünüzə bir belə əziyyət verməyin. Bibixatun. Xanımın dünyaya gəldiyi günə daş düşsün! Aman, aman, Allah, yandım! Allah, məni rüsvay eləyəni rüsvay elə! Allah, məni oda yandıranı cəhənnəm odunda yandır! Kamran, sənə əlimlə verdiyim çörək səni dizim-dizim süründürsün! Allah, belə bəlamı olar?! Allah, belə müsibətmi olar?! Bundan sonra mən xalq arasına çıxamı biləcəyəm? Ox, ox, yandım, Allah, yandım! Alışdım, Allah, alışdım! Kül mənim bu beyinsiz başıma! (İstəyir başına döysün, kənizlər qoymurlar.) Kəniz. Xanım, Allahı sevərsiniz, bir qədər rahat olun. Budur, iki gündür özünüzə bir belə cəza verirsiniz, buna davammı etmək olar? İkincikəniz. Xanım, dünəndən acsınız, iki qaşıq abguşt yeyin. Bibixatun. Cəhənnəm olsun yemək, cəhənnəm olsun içmək! Nə yeyəcəyəm, nə içəcəyəm. Qoy birdəfəlik acından ölüm. Belə rüsvay olmaqdansa bir dəfə ölüb qurtarmaq yaxşıdır. Kəniz. Xanım, heç olmasa bircə fincan çay iç. Bibixatun. Içmirəm, apar, o yana, ləçər! Bundan sonra şəhərin itpişiyi də mənə güləcək. Hacı Rzanın arvadı bir ata minib, bir at da yedəyinə alıb, düşəcək şəhərin canına. Ona deyəcək: “Gördünüzmü Bibixatun necə xan qayınanası oldu”. Buna deyəcək: “Gördünüzmü Bibixatun necə xan qaynanası oldu”. Uşaqlar küçələrdə gülüşüb deyəcəklər: “Ora baxın, xan qayınanası gedir”. Dalımca daş atacaqlar. Başına daş düşsün, a belə xan qayınanası! (İstəyir başına yumruq vursun, qoymurlar.) Hacı Kamyab (daxil olur). Arvad, nə qiyamətdir? Bibixatun. Arvadın atasının qızı ölsün! Arvadın anasının başına daş düşsün! Qara torpaq arvadın üstündən dörd qarış yuxarı dursun! Hələ bir soruşursan da, a binamus? Sənin namusun olsa əriyib yerə girərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Hacı Kamyab. Arvad, bir dayan, gör nə deyirəm. Bibixatun. Nə deyəcəksən? Bilirəm nə deyəcəksən. Deyəcəksən getdim qızın kəbinini kəsdirdim qotur Kamrana, götürüb apardı. Bundan sonra mən camaat içinə çıxa biləcəyəm? Bundan sonra mən Hacı Rzanın, Hacı Xudadadın bihəya arvadlarının üzlərinə baxa biləcəyəm? Bundan sonra... Hacı Kamyab. Ay canım, bircə dil qəfəsə sal, bircə aram ol, gör nə deyirəm. Kamra na qız verən kİmdir? Qız yiyəsi məgər dəlidir? Bibixatun. Sən çox da vermə. Bu biabırçılıqdan sonra Xudayar xanın oğlu sənin qızına yiyəmi duracaq?! Bir kor pişik kimi qalacaq ocağının qırağında. Axırda qotur Kamranı çağırıb, yalvarıb verəcəksən. Hacı Kamyab. Bircə aram ol, gör nə deyirəm. Bibixatun. Hə, de görüm nə deyəcəksən? Hacı Kamyab. Mən qızımı nə Kamrana verirəm, nə də Xudayar xanın oğluna. Qız bu saat müctəhid ağanın evindədir. Bu saat oradan gəlirəm. Müctəhid ağa məndən çox xahiş etdi ki, qızı o binamus Kamrana verim. Dedim: öldürüb itlərə verərəm, Kamrana vermərəm. Axırda müctəhid ağa özü qıza müştəri düşdü. Buyurdu ki, mənim himayətimə gələn mənim evimdən çıxmaz. Bibixatun. Bax, İndi görürəm ki, ağlın başından çıxıb, hədərənpədərən danışırsan. Müctəhid ağa nədir? Yoxsa başına hava gəlibdi? Hacı Kamyab. Başıma hava gəlməyib, işin olanını deyirəm. Doşab alıbsan, bal çıxıbdır. Bibixatun. A kişi, sən atanın goru, doğru deyirsən? Hacı Kamyab. Atamın da goru haqqı, anamın da goru haqqı, belədir ki deyirəm. Bu gün müctəhid ağa qızın nikahını özünə oxuyacaq. İndi onun cehizini hazır eləyib, ağanın evinə göndərməlidir. Bibixatun. A kişi, bir dayan özümə gəlim. (Kənizlərə) A bihəyalar, nə durub mat-mat tamaşa eləyirsiniz? Görmürsünüz iki gündür mən acsusuzam. Cəld mənə çay gətirin, nahar da hazır eləyin. (Kənizlər gedirlər.) Bəs Xudayar xana nə cavab verəcəksiniz? Hacı Kamyab. Xudayar xanın nişanlarını Hacı Mirzə Əhməd ağanın vasitəsilə göndərəcəyəm. Ağa onun cavabını öz öhdəsinə götürübdür. Bibixatun. Bundan sonra Xudayar xan məhsulatını sənin əlinlə satacaqdırmı? Hacı Kamyab. Əvvəla, Xudayar xan nə qədər özünü oraya, buraya çırpsa, yenə mənim yanıma gələcəkdir. İkinci, müctəhid ağa mövqufat əmlakının məhsulatının satılmasını mənə mühəvvəl edir. Mövqufat əmlakı iki dəfə Xudayar xanın əmlakından böyükdür. Bibixatun. Deməli, müctəhid ağa daha Hacı Rzanın əlilə iş görməyəcəkdir? Hacı Kamyab. Yox, yox, Hacı Rza nəçidir? Bibixatun. Bax indi ürəyimdən tikan çıxdı. (Durur.) Gedək, iki gündür mən acam. (Təşəxxüslə yeriyir.) Kənar olun, arvadlar, müctəhidin qayınanası gəlir! Pərdə On beşinci şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın yatağı. Qadınlar ilə əhatə olunmuş Gövhərtac bəsti üzərində əyləşib, məşşatə ona ziynət verir. Məşşatə. Ay xanımlar, bura müctəhid evidir. Burada çalmaq, oynamaq haramdır. Mən gəlinə ziynət vururam, siz də yığılın bir mahnı düzəldin. Qızlar, q a d ı n l a r (səs-səsə verib oxuyurlar) Gəlin, qızlar, sürmə çəkin gözünə, Ay həsrətdir bu gəlinin üzünə. Toy olunur Kamyabın qızına; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Qızıl güldən qırmızıdır yanağı, Ənbər qoxur dodaqları, buxağı. Bu evdə sayəli olsun ayağı; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Qapının dalında durubdur yarı, Tükənib oğlanın səbri-qərarı, Bəd nəzərdən hifz et bunları, tarı; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Çiçək düzün tellərinə, saçına, Canlar Qurban kirpiyinə, qaşına. Oğlan dönmüş qızıl quşa, laçına; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Məşşatə. Qurban olum belə qızı doğan anaya. Bircə tamaşa eləyin, bu gözəllikdə can şahın hərəmxanasında da tapılmaz. Bu gözəllikdə gül də, mələk də yoxdur. Müctəhidinböyükarvadı. Ay qızım, səni həmişə xoşbəxt yaşayasan. Onunla mehriban dolan, onun itaətində ol. Allahın əmri də belədir. Bacılar, daha durun dağılın. Hamı (bir-bir). Allah xoşbəxt eləsin, boya-başa çatdırsın, oğullu, qızlı olsun. Gedirlər. Gövhərtac gözünü qapıya dikib. Qapı açılır. Göv hər tac (hövlnak). Kamran! Müc təh i d (daxil olur. Gövhərtac qalxıb, üzünü örtmüş, ona təzim edir). Ay qız, sən bu evə xoş gəlibsən. Bu ev sənə peşkəş. Gövhərtac baş əyir. Müctəhid əbasını açıb divardan asır, əmmaməni çıxarıb kənara qoyduqda Gövhərtac şəkkə düşüb bir kənara qısılır. Müc təh i d. Ay qız, bir üzünü mənə göstər görüm, tərifə layiqsənmi? (Gövhərtac bərk üzünü tutur.) Allahümmə rəzəqna şənnətən, lətifətən, vəchətən və zəvvicna minəl huril-eyn! (Bunu deyib qızı qucaqlamaq istəyir. Gövhərtac onu döşündən itələyir. Müctəhid yıxılıb, bir də durub qıza hücum edəndə qız qışqırıb yıxılır. Arvadlar qışqırtıya yüyürürlər.) Götürün qoyun çarpayının üstünə, qız uşağıdır, qorxudan qışqırdı, İndi ayılar. (Gövhərtacı götürüb çarpayının üstünə uzadırlar.) Di çıxın gedin, burada işiniz yoxdur. Arvadlar çıxırlar. Müctəhid gəlib Gövhərtacın sifətinə baxır. Bu nə qaşdır, bu nə gözdür, bu necə türfə buxaq, Həq səni eyləsin, ey şux, yaman gözdən iraq. (Əyilib öpür, qaranlıq olur.) Pərdə On altıncı şəkil Çayxana. Cavanlar, qocalar, işçilər, kəndlilər. Hərə bir tərəfdə oturub çay içir. Çayçı Kərbəlayı Qafar samovarın böyründə əyləşib çay tökür. Qulluqçu aparıb qonaqların qabağına qoyur. Kərbəlayı Qafar (bir nəfər qonağa). Ağa Seyid Cabbar, təzə xəbəri eşitməyibsən? Seyid Cabbar. Şəhərdə bir təzə xəbər var, o da Hacı Mirzə Əhməd ağanın Hacı Kamyabın qızını alması. Doğrusu, bu əhvalat Hacı Kamyabın daha da şöhrətinə və başıucalığına səbəb olacaq. Hacı Kamyab yatsaydı, yuxusunda da müctəhid ağanın ona damad olmasını görməzdi. Kərbəlayı Qafar. Xeyr a, əhvalatı başdan-başa bilməlidir. Məsələ bir tək ağanın evlənməsi deyil. Ağa indiyədək yeddi-səkkiz arvad alıb. Məsələ qızın öz ayağilə gəlib ona düçar olmasıdır. Seyid Cabbar. Deməli? Səyyad peyi seyd dəvidən əcəbi nist, Seyd əz peyi səyyad dəvidən məzə darəd. Kərbəlayı Qafar. Bəli, bəli! Bundan sonra Hacı Kamyabın qabağında durmaq olmayacaq. Birnəfərcavan. Hacı Mirzə Əhməd ağa yaxşı iş görübdür? Bu sifət müctəhidə yaraşan sifətdirmi? Heç bir insanlıqdan az-çox xəbər olan, əmanətə xəyanət etməz. O ki Allahın elmini oxuyubdur. Seyid Cabbar. Hansı əmanətə xəyanət edibdir? Birnəfərcavan. Iki cavan vücud biri-birlərini sevib, ona pənah gətirirlər. O da onların biri-birlərinə yetirməyin əvəzində onları biri-birindən ayırıb, özü qıza sahib olub, oğlanı qovdurur. Eyib olsun ona. Seyid Cabbar. Bihəya, sən nə cürət edib burada müctəhid ağanın sözünü danışırsan?! Müctəhid ağa məgər sənin yoldaşındır? Qorxmayırsan burada sənin cəmdəyini yıxalar? İkincicavan. Doğru danışanın papağı yırtıq olar. Kimin nə haqqı var ona bir çırtma vura?! Bəlkə biz hamımız əhvalatdan müxbirik. Hacı Mirzə Əhməd ağanın hərəkəti hamımıza toxunubdur. Hətta ürəyimizdə ona bir nifrət də əmələ gəlibdir. Seyid Cabbar. Kərbəlayı Qafar, bu oğlanlar ikisi də kafirdirlər. Bunların hər ikisinin qətli vacibdir. Bunların çay içdikləri qab murdardır, suya çəkilməlidir. Birincicavan. Istədiyimi dedim, arif olan anlar. Seyid Cabbar (çay içənlərə). Həzərat! Bunlar mürtəddirlər, qanları halaldır vurun bu binamusları! Neçə adam cavanların üstünə tökülür. Cavanlardan biri müdafiə üçün xəncər, o biri tapança çəkir. Üç nəfər kəndli cavanlara tərəf düzülürlər. Birincikəndli. Qardaşlar, nə istəyirsiniz bu cavanlardan? Seyid Cabbar. Görmürsünüz Hacı Mirzə Əhməd ağanın haqqında nə danışırlar? Birincikəndli. Hacı Mirzə Əhməd ağa da bizim kimi bir adam deyilmi? Onun haqında söz danışılanda qiyamətmi qopar? Seyid Cabbar. Qopar, o bizim müctəhidimizdir, atamızdır, peyğəmbərimizin canişinidir. Kamran (rəfiqlərilə daxil olur). Nədir, nə qeyl-qaldır? Birincicavan. Budur, işin sahibi gəldi, sizinlə özü söhbət eləsin. Kamran. Nə söhbət? Birincicavan. Burada Hacı Mirzə Əhməd ağanın evlənməyinin söhbətidir. Biz ağanın əməlinin müctəhidlik sifətinə yaraşmadığından danışdıq. İndi camaat bizim adımızı kafir qoyub, bizi öldürmək istəyir. Kamran. Qardaşlar, bir qədər sakit olun. Mən də bir neçə söz deyim. Sonra vacib bilsəniz, məni də, bu cavanlarla bir yerdə öldürə bilərsiniz. Seyid Cabbar. Mürtədin biri də gəldi. Kamran. Ağa, mürtəd nəyə deyirsiniz? Seyid Cabbar. Mürtəd sizin kimi dindən çıxanlara: Allaha, dinə, müctəhidlərə səbb edənlərə. Kamran. İndi, ağa, izin verin mən də bir neçə söz deyim. Əgər məni haqsız görsəniz, öldürə bilərsiniz. Seyid Cabbar. Mən sizin kimi mürtədlərin danışığına qulaq da asmaq istəmirəm. Sizə qulaq asmaq da günahdır. Cavanlar və kəndlilər. Danış, danış! Kamran. Qardaşlar, mən əmim qızını sevirdim, o da məni sevirdi. Əmim qızını başqasına vermək istəyirdi. Biz sözləşib, qaçıb gedib Hacı Mirzə Əhməd ağaya pənah gətirdik. Müctəhid qızın kəbinini özünə kəsib, məni rədd elədi. Mən sizi inandırıram ki, mənim müctəhid ilə ədavətim var isə də, şəxsidir. Onu meydana çəkmirəm. Mən bilirəm, o bilir. Ancaq bir məsələ var ki, əvvəla, müctəhid bir şəxsin sevgilisini əlindən alıb özünə zövcə etdikdə, günah əməl tutur, ya yox? Cavanlarvəkəndlilər. Bəli, günah əməl tutur. Seyid Cabbar. Necə şəriəti pozub peyğəmbər özü oğlum dediyi Zeydin arvadını görüb, ona eşq yetirib, boşadıb aldı?! Deyəcəksiniz: o da günah əməl tutub. Kamran. Mən bu əhvalatı bilmirdim, günahdan da günahdır və belə əməl tutana mən peyğəmbər demərəm. Seyid Cabbar. Yox, bu, mürtədlikdən də ötdü. And olsun cəddimə, bunun qanı halaldır. Kəndli. Əgər peyğəmbər bu işi tutubsa, mən ona peyğəmbər demərəm. Bu işi heç bir avam kəndli eləməz. Kamran. Peyğəmbər tutmasa, onun nəvəsi deməz. Yəqin bu, olmuş işdir. Müctəhid mənim əmimə buyursa idi ki, mən qızı Kamrana verəcəyəm sən danışma, əmim nə deyə bilərdi? Cavanlar. Heç bir şey. Kamran. Müctəhid bilmirmi ki, qızın razılığı olmasa, ona kəbin kəsmək şərrən haramdır? Cavanlar. Əlbəttə bilir. Kamran. Bunu bilə-bilə zorən mənim nişanlımın kəbinini özünə kəsmək şəriəti pozmaqdır, ya yox? Hamı. Pozmaqdır, pozmaqdır. Kamran. Müctəhid Hacı Mirzə Əhməd ağanın yeddi nəfər arvadı var. Bu arvadları nə ilə saxlayır? Yüz min tümənlər ilə ona imam malı gəlir. Ondan min tümən füqəraya vermir. Qalan pullar necə olur? Şəhərin tacirlərinin qarnına dolan plov kimin hesabınadır? Cavanlar. Füqəranın. Kamran. İndi siz fikir eləyiniz. Bir belə günah əmələ bizim birimiz mürtəkib olsaq, deyərlər avamdır, hamildir. Bu sözləri müctəhidə demək olarmı? O, avam, cahil deyil, alİmdir. Cəmi ülumdan xəbərdardır. O bilir ki, şəriətdə onun yeri cəhənnəmdir. O ya cəhənnəm odunu özünə qəbul edir, yainki cəhənnəm odunun yoxluğunu yəqin edibdir. Vəxti ki, füqəraya məxsus iman malını mənimsəyib şərafətlə yeyib, kef çəkir və Allahın buyurduğunu pozur, yəqin ya boynuna günah götürür, yainki Allahın yoxluğunu öz elmilə təyin edibdir. Bunu görəndə mən yəqin edirəm ki, nə yuxarıda, nə aşağıda heç bir şey yoxdur. Məhz bu avam camaatı qoyun kimi soymaq üçün din büsatını üləma əlində bir alət qayırıbdır. Yəqin bilin ki, müctəhid Mirzə Əhməd ağa Allahın və cəhənnəm odunun varlığını etiqad etsə idi, bu əməlləri tutmazdır. O ki alimlikdə etiqad etmir, yəqin yoxdur. Cavanlarvəkəndlilər. Doğrudur, qardaş, doğrudur. Birkəndli. Bizim kəndimiz mövqufat kəndlərindəndir. Bir nəfər bizim kəndlilərdən neçə sənə idi ki, Bakıda mədəndə işləyirdi. Bu günlərdə gəlmiş idi. Camaatı çağırıb bir para bu oğlan söyləyən sözlərdən söyləyib dedi ki: camaat, siz ki bu yeri əkirsiniz, bu bağı becərirsiniz, bunun mədaxilini də özünüz götürün. Biz dedik ki, mədaxil imam malıdır, xəyanət edə bilmərik. Dedi, imam malı-filan yoxdur, hamısı müctəhidin cibinə dolur. Füqəraya da görk üçün beş, on tümən verirlər. Bu günlərdə, müctəhidin əmrinə görə, o yazığı boğazından asdılar. Buna nə deyirsiniz? Seyid Cabbar. Həqq eləyiblər. Hər əclaf Rusiyadan gəlib, burada bir qanun düzəldəcək. Rusiyanın camaatı çoxdan kafir olublar, istəyirlər bizi də, dindən çıxartsınlar. Kamran. Ağa, din insanın insafı, vicdanıdır. İnsaf, vicdandan uzaq olanlara ancaq bidin demək olar. Məsələn, Hacı Mirzə Əhməd ağa müctəhidə. Seyid Cabbar. Ay camaat, ay müsəlmanlar! Məgər karsınız, bu mürtədin danışığını eşitməyirsiniz? Niyə vurub öldürməyirsiniz? Bunu öldürənin cəmi vəbalını öz öhdəmə götürürəm. Vurun, bu mürtədi! Camaat dayanır. Kamran. Ağa, görürsünüz, haqq söz təsir edir. Qabaqca sizin tərəfinizdə olanlar da, İndi fikrə gediblər. Seyid Cabbar. Görünür, bu camaat hamısı bidİndir. Mən burada qala bilmərəm və bu saat bu keyfiyyəti Hacı Mirzə Əhməd ağaya yetirərəm. (Gedir.) Kamran. Buyura bilərsiniz, ağa. (Hamı gülüşür.) Di əyləşin qardaşlar çay içək, Kərbəlayı Qafar camaata çay ver. Birincicavan. Afərin, Kamran, yaxşı döşədin. Fəramərz. Ax, ay Kamran, bir minbər olaydı, səni çıxardaydım oraya, oradan bu sözləri camaata deyəydin. Kamran. O minbər olar və az zaman keçər ki, o minbəri görərsən. Pərdə On yeddinci şəkil İbrahimin evi. İbrahim və arvadı Cahanbanu. Cahanbanu. Kişi, bu işlərə sən nə deyirsən, dünya görmüş adamsan? Allah sənin qardaşına insaf versin. Ayrı bir söz dilimə gətirə bilmirəm. Adamda da bir belə məgər hirs olarmış! Onda deyən gərək, a bədbəxt, bir belə dövlət ki cəm eləyibsən axırda gedib dolacaq Hacı Mirzə Əhməd ağanın cibinə. Hacı Mirzə Əhməd ağa onsuz da varlıdır. Bircə qızın var idi, bircə də qardaşın oğlu. Oğlum deyib çəkəydin sinənə, varyoxun da yenə öz qardaşın oğluna qalaydı. Uşağı neçə il müftə hambal kimi işlədəndən sonra döşündən itələdi. İndi biçarə az qalıb divanə olub, Məcnun kimi biyabana düşsün. İbrahim. Arvad, olan olub. Müctəhidi görən, baqqal İbrahimin oğluna qız verməz. Mən oğlumun divanə olmasından qorxmuram. Mən başqa bir müsibət gözləyirəm ki, divanəlikdən bədtərdir. Cahanbanu. Bismillah! Nə müsibət, a kişi? Yoxsa qorxursan uşaq vurub özünü öldürər? Ya, xudanəkərdə, əmisinə, ya müctəhid ağaya biehtiramlıq eləyə? İbrahim. Bunlar da yola gedər. Bunlardan bədtərdir. Cahanbanu. Bəs nədir, a kişi? Mənim bağrımı yarma. İbrahim. Bundan bədtər odur ki, Kamran ora-burada oturub bir para hədyanat danışır. Dinə, məzhəbə dolaşır. Nəəzubillah, dilim də gəlməyir deyim, hətta peyğəmbərə, Allaha əl aparır. Bu yaman dərddir. Özünü öldürər, bir neçə gün ağlayıb sakit olaram. Cahanbanu. A kişi, sözünün qüvvəti, qoy mən də sənə bir söz deyim. Dünən oturub namaz qılırdım. Qapıdan girib mənə bir az tamaşa eləyib güldü, sonra başladı: ana can, nə vaqe olub? Nə belə əyilibqalxırsan? Yoxsa behişti satın almaq istəyirsən? Rükəti qurtarıb dedim: ay bala, görürsən namaz qılıram, daha nə soruşursan? Namaza niyə sataşırsan? Gör nə deyir. Deyir: əyilib-qalxmaqla adama behişt verməzlər. Əgər behiştə getmək istəyirsən, get Hacı Mirzə Əhməd ağanın ətəyindən yapış, özü gedəndə səni də aparar. Dedim, ay oğlum, get, belə danışıqlara qulaq asmaq da günahdır. Qoy namazımı qurtarım. Üz çöndərib gülə-gülə getdi. İbrahim. İndi dərdimizi görürsən, arvad. Mən, özün bilirsən, yarım saat namazımı keçirmərəm. Bir cümə camaat namazından geri qalmaram. Axır mənim oğlum niyə belə olsun? Bu dərd məni çərlədər. Hər yerdə deyirlər ki: İbrahimin oğlu vələdüzzinadır. Çünki halal oğul Allahı danmaz. Budur, deyəsən gəlir. Kamran (daxil olur). Ata, yenə bikefsən? Deyəsən söhbət eləyirdiniz. Mən gəldim mane oldum. Cahanbanu. Ay oğul, bizim səndən savayı nə danışığımız olacaq? Olan olub, keçən keçib. Bir yazıq, kasıb kişinin oğlusan. Get bir peşədən yapış. Müctəhid ilə nə işin var? Allah ilə nə işin var? Məyər qiyamət əzabından qorxmursan? Kamran. Ana, bir qəribə keyfiyyət eşitmişəm. Əgər bu keyfiyyət dürüst olsa, gedib tövbə eləyib müctəhid ağadan üzr istəyib deyəcəyəm: Ağa, qələt eləyib, sizə səbb eləmişəm. Məni cavan qızların çəmxəminə bağışla. İbrahim. Kəs səsini axmaq! Bu nə cür danışıqdır? Kamran. Qoy keyfiyyəti söyləyim, sonra. Hacı Mirzə Əhməd ağanın amilini ki, tanıyırsan. Bu gün bəzzaz Hacı Şükürün dükanında əyləşib söhbət eləyirdi. Camaat da onun başına toplaşıb qulaq asırdı. Mən də gəlib bir kənarda dayandım. Gördüm deyir: Ağa, gecə yarısı olanda otağından çıxıb gedir şahniştə, orada iki rükət hacət namazı qılıb, əllərini qozayır qazəlhacat dərgahına, ondan başlayır danışmağa və tez-tez də deyir: bəli, bəli, itaətdəyəm, ya rəbbi, rəhm et, günahkar bəndənə; buyurduqlarının hamısını asi bəndələrinə yetirrəm. Amil and içdi ki, ağanın Allahla danışığını qulağı ilə eşidibdir. İndi mən də istəyirəm gedəm xəlvətcə qulaq asıb, bu sözlərdən eşidəm, bəlkə imana gələm. İbrahim. Qurtardın sözünü? Kamran. Qurtardım, necə? İbrahim. Belə ki, Allahın lənəti sənin canına gəlsin. A bidin, sənin müctəhid ilə nə işin var? Müctəhid sənin adaxlını əlindən alıb, qərəz ilə hər həzyanatı onun haqqında danışacaqsan? Kamran. Mən həzyanat danışmıram, amilin söhbətini dedim. Mənim heç kəs ilə düşmənçiliyim yoxdur. Pişik yağlı tikə görəndə movuldayacaq. Ağa da bir yağlı tikə gördü, ötürdü içəri. Hətta mən ağadan bir tərəfdən razıyam. Mən İndiyədək kor idim, o mənim gözlərimi açdı. İndi baxıb görürəm ki, din, məzhəb, iman, kitab, Allah, peyğəmbər – bunlar hamısı avam xalqı aldadıb cibini soymaq üçün bir alətdir. Bu alətdən həm üləma, həm sərvətdarlar istifadə edirlər. Müctəhidin hərəkəti mənə bunu açıq sübut elədi. Mən ondan çox razıyam. Əmimin qızı ona halal olsun, doyunca yesin. İbrahim. Ay bidin, belə sözləri danışıb mürtəd olma. Allah sənin əvəzinə mənim başıma daş salar. Kamran. Allah sənin başına niyə daş salsın? Allahın daşı olsa Hacı Kamyabın başına salar ki, Xudayar xanın mülkünü icarəyə götürüb əhalini kabab kimi şişəyə taxır. Allahın daşı varsa, müctəhid Hacı Mirzə Əhməd ağanın başına salar ki, neçə nəfər həqq və onun mayasına ziyan gətirən sözləri danışanların adlarını babı qoyub dara çəkdiribdir. Badkubədən gələn bir bədbəxti nə üçün dara çəkdirdi? O bədbəxt nə etmişdi? Onun sözü bu idi: yer əkinçinİndir, ağa nə üçün mədaxil aparsın? Məgər bu, babilikdir, məgər günahi-kəbirədir? Allah var isə, daşı var isə, bunların başına salsın, sənin başına niyə salır? İbrahim. Elə Allah daşın böyüyün mənim başıma salıbdır. Kamran (gülür). Mənim kimi oğulu sənə veribdir, beləmi? İbrahim. Dəxi özün danışırsan, mən nə eləyim! Allah sənin üzünü hər iki dünyada qara eləsin! Kamran. Ata, acığın tutmasın, sənə bir söz deyim. Mən gəlib sənə deyirəm: bir atım var, başı yoxdur, bədən yoxdur, ayaqları yoxdur, quyruğu da yoxdur. Bunun mənası bu deyilmi ki, atam yoxdur? İbrahim. Nə demək istəyirsən? Kamran. Cisim deyil, cövhər deyil, ərəz deyil, mərkəb deyil, yeməz, içməz, yatmaz, doğmaz, doğulmaz... Qapı döyülür. İbrahim. Tfu, Allah sənə lənət eləsin! (Cəld çıxır.) Görüm qapını kim döyür? Cahanbəxş (pozğun bir halətdə daxil olur). Yaxşı səni evdə tapdım! Kamran. Necə? Cahanbəxş. Necəsi yoxdur! Dedim İndi görəsən sənin nəşini itlər hansı dərədə yeyirlər. Kamran. Ağıllı danış görüm nə deyirsən? Cahanbəxş. İş belədir, qardaş. Dünən gecə Mirzə Əhməd ağanın evində böyük bir iclas olmuş. O iclasda ancaq sənin söhbətin olubdur.Iclasda sənin əmin Hacı Kamyab da var imiş. Orada səni mürtədlikdə müttəhim tutub, qətlinə fitva veriblər. Bu fitvaya görə, səni öldürənə nəinki tənbeh yoxdur, hətta behişt belə vacibdir. Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın. İndi şəhərin uzunqulaq cavanları hər biri bir ğədr pişto bağlayıb səni gözləyir ki, öldürüb behişt qazansınlar. Kamran. Müctəhiddən bunu gözləməli idi. Cahanbəxş. İndi sərvaxt olmalısan. Biz yoldaşların sənin evinin ətrafında qarovul çəkməkdəyik. Sənin evinə daxil olmadan qabaq gərək bizim dördümüzü də öldürsünlər. Hamısından yaxşı buradan baş götürüb qaçmalıdır. Kamran. Haraya qaçmalı? Mən yerin deşiyində də olsam, Hacı Mirzə Əhməd ağanın xərə müridləri məni tapıb öldürəcəklər. Yaxşısı budur ki, öz evimdə öldürələr. Cahanbəxş. Mən sənə yerin deşiyindən möhkəm yer göstərim. Kamran. O yer haradır? Cahanbəxş. O yer Şura Azərbaycanı, Badkubə, Şura hökuməti, hamı sənin kimi din əleyhinə olanların hamisidir. Xalq üçün dini tiryəkə nisbət ediblər. Gedək oraya. Biz də səninlə orada asudə yaşayıb vətənimizin gələcəyi, Hacı Mirzə Əhməd ağaların, Xudayar xanların, Hacı Kamyabların pəncəsindən qurtarması üçün təbdirlər edə bilərik və vətənin xoşbəxt günlərinə nail olub buraya qayıdarıq. Kamran. Qaçaq, qardaşım, elə bu gecə buradan yola düşək. Yaşasın Şura Azərbaycanı! Cahanbəxş. Yaşasın Şura hökuməti! Pərdə * * * Beşinci pərdə On səkkizinci şəkil Bakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş dəzgahlar dalında işləyirlər. Kamran (çəkiş vuraraq oxuyur): Yolu bəri baxan dağlar Mənim səndə nəyim qaldı. Əlim yetməz, ünüm çatmaz, Bir gül üzlü yarım qaldı, Yarım qaldı, yarım qaldı. Fəramərz. Oğlan, deyəsən eşqin yenə təzələnibdir. Ürəyin yönü bəri baxan dağların arxasına uçur. Fit verilir, hamı əllərini işdən çəkir. Kamran. Budur, iki ildir biz bu emalatxanada işləyirik. Bir dəfə də olsa mənim dilimdən Gövhərtacın adını eşidibsənmi? Mənim başımdakı xəyalət, mənə hər bir şeyi unudub. Mənim qərq olduğum dərya Xəzər dəryasından da dərİndir. Dörd ətrafına baxıb, nə xan, nə müctəhid, nə seyid, nə tacir və nə də zülm zəncirinə bağlı, zülmət dəryasına qərq olmuş dəhat əhlini və nə də çarşab altında, dörd divar arasında əsarətdə qalan ana-bacıları görürəm. Xəyalıma gəlir ki, bir gün olar bu gün mənim vətənimə də doğar. Müctəhid Hacı Mirzə Əhməd ağanın dalınca İndi ulaq kimi anqıranlar onun eşşəyinin torpağını tutiya deyə gözlərinə çəkənlər onun əmmaməsini boynuna dolayıb küçələrdə sürüyərlər. Xudayar xanlar xalqın qisasından qaçmağa yer ararlar. Hacı kamyablar bilməzlər dövlətlərini götürüb hansı məmləkətə qaçsınlar. Cahanbəxş. Yəni bu gün bizim vətənimizə doğacaq? Camaatımız çox avamdır. Onun ayılması çox-çox illər istər. Kamran. Camaat avam isə də, ona bir rəhbər lazımdır. Kommunizm yolu şirin yoldur. Qabil, bacarıqlı rəhbər dalınca gedər. Xurşid. Sənin sözünlə o günü görəcəyimizə şəkk yoxdur. Kamran. Heç şəkk yoxdur. Biz vətən ilə əlaqədar olub xalqı hazırlamalıyıq. Hazırladıqdan sonra hamımız gedib ona rəhbər olmalıyıq. Mənim dərin siyasi savadım yoxdur. Ola bilsin fikrimi asan izah eyləyə bilmirəm. Amma gərək belə olsun. Fəramərz. K a m r a n, sən cavansan, niyə bu məktəblərin birinə daxil olub oxumayırsan? Oxu, bizi də öyrət. Kamran. Məgər xəbərin yoxdur? Bir neçə gündən sonra məni fəhlə fakültəsinin tələbəsi görərsən. Fəramərz. Yenə sən mənim sözümə cavab vermədin. Bu söylədiyin xəyalət dəryasına qərq olandan sonra köhnə eşqi yada salmağına səbəb nədir? Kamran. Əvvəla, mənim o qıza yazığım gəlir. Onda təqsir yoxdur, yəqin İndi o da mənim xiffətimi eləyir. İkincisi, onu bu gecə yuxumda görmüşəm. Gördüm bir qan dəryasına qərq olub. Əlini mənə tərəf uzadıb deyir: əmioğlu, tut əlimdən məni kənara çıxart. Doğrusu, bu yuxu bir az mənim halımı dəyişibdir. Kərbəlayı Mədəd (çöldən səslənir). Burada Kamran. İbrahim oğlu işləyirmi? Kamran (diksinərək). Bu, dayımın səsidir. (Qapıya tərəf gedib səsləyir.) Dayı can, gəl, buradayam. Kərbəlayı Mədəd (daxil olur. Kamran ilə, yoldaşları ilə öpüşür). Mən dünən gəlmişəm, axşamdan səni axtarmışam, soraq verən olmayıb. Axırı bu gün bir nəfər oğlan sənin yerini göstərib. Kamran. Bəs harada mənzil eləyibsən? Kərbəlayı Mədəd. “Şərq” mehmanxanasındayam. Anan da mənimlə gəlibdir. Kamran. Anam! Anam nə üçün gəlibdir? Kərbəlayı Mədəd. Bir-iki ay bundan əqdəm atan vəfat elədi. Kamran. Atam öldü, yazıq ata! Niyə can verdiyi zaman sənin yanında olmadım?! Kərbəlayı Mədəd. Bəli! Axır nəfəsində yazığın gözləri ətrafı gəzirdi. (Kamran gözlərini silir.) Atandan sonra anan davam gətirə bilmədi. Hər gün gəlib mənə yalvarırdı ki, məni oğluma yetir. Axır mən də götürüb gəldim. Bunu da deyim ki, Hacı Kamyab atanın dəfninə böyük maya qoyub, çox cəlal ilə götürtdü. Kamran. Şöhrəti üçün vacibdir. Deməsinlər Hacı Kamyabın qardaşının meyitini götürən olmadı. Kərbəlayı Mədəd (bir başıbağlı məktub, bir boğça verir). Bunları da həkimbaşı Mirzə Mehdi sənə göndəribdir. Kamran (kağızın açıb oxuyub, əlindən yerə salır, dübarə qaldırır, bir dərin ah çəkir). Bəli, bunu gözləməli idi. Bu da Hacı Kamyabın hirsinin nəticəsi. Bundan sonra başına döyüb ağlasın, görək nə fayda qazanacaq? Xurşid. Nə xəbərdir, Kamran? Kamran. Mirzə Mehdi yazır ki, Gövhərtac müctəhidin evinə gedən gündən bir sağalmaz mərəz tutub vəfat etdi və boğçadakı yadigarın da sənə göndərilməsini ölən günü məndən xahiş elədi. (Boğçanı açır, bir köynək və bir qana bulaşmış dəsmal çıxarır.) Baxın, yoldaşlar! Bədəninə ən yaxın olan köynəyini və ciyərinin qanını mənə töhfə göndərib. Belə bir vücudu unutmaqmı olar? (Fit verilir, tənəffüs qurtarır.) Dayı can, sən get, işdən çıxantək gələrəm yanına. (Dəsmala baxır.) Əziz yarım, bir gün olar bu qanlı dəsmalı qan rəngində bir bayrağın başına bağlayıb sənin qisasını almağa gələrəm. (Maşının çarxları başlayır işləməyə, kürədən alov baş verir. Kamran bir parça qızarmış dəmir götürüb çəkic ilə döyür.) İndi, yoldaşlar, gücünüz gəldikcə çəkic vurun. Bu çəkiclərin hər zərbəsində sosializm imarətinə bir mıx çalınır. Vurun, yoldaşlar, bu çəkiclər bir gün olar çox başlar dağıdar. Yaşasın dünya inqilabı! Siz də deyin. Yoldaşları. Yaşasın dünya inqilabı! * * * == Sağsağan == Sağsağan İki pərdə, beş şəkildə İştirak edənlər: Tarıqulu – kəndli Fatmanisə – onun arvadı Qədim – oğlu Qurban – Fatmanisənin qohumu Komsomolçu – pionerlərin rəhbəri MollaZaman Arvadı GülpərI }qonşu Qadı nlar Sərəncam Güləndam Qızyetər Mahpəri HəmşəriCahan Kəndlilər, pionerlər, çalğıçılar, uşaqlar * * * Birinci pərdə Birinci şəkil Kəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir kənarda oturub, doğrama yeyir. Fatmanisə (cəhrəni əyirərək oxuyur): Sən gedən bir il oldu, Vİrana bağlar gül oldu. Vədə verdin gəlmədin, Bu nə yaman dil oldu. Qədim. Ana, nə oxuyursan? Fatmanisa. Nə oxuyacağam, ay oğul? Dərdimi ağlayıram. Atan ay yarımdır gedibdir, heç bir xəbər yoxdur, oxuduğum elə odur. Qədim. Atam gedəndə dedi ki, mayın birinə on gün qalmış gələcəyəm, sənə də bir dəst yaxşı paltar gətirəcəyəm. Fatmanisə. Bəs niyə gəlmir? Sabah da mayın biridir, gəlsin çıxsın. Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Onunla gedənlər hamısı qayıdıb gəldilər. Səfiqulu, Qurban, Yetər oğlu Qara, Talıb kişinin iki oğlu. Gedəndə dedi ki, nə bilim, dilim tutmayır, Tovuz tərəfdə kolxozçuların əkin işləri dalda qalıbdır, onlara hav eləməyə gedirik. Elə o gedəndir. (Pəncərədən baxır.) Qurban dayın odur gedir, bircə çıx onu çağır gəlsin. Qədim cəld çıxır, bayırdan səsi gəlir. Qədim. Ay Qurban dayı, ay Qurban dayı! Qurban (bayırdan). Nə deyirsən, ay bala? Qədim (bayırdan). Nənəm səni çağırır. (Qayıdır evə.) Nənə, budur gəlir. Əlli-əlli beş yaşında Qurban, əlində ağac, daxil olub məfrəş üstündə oturur. Qurban. Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki? Fatmanisə. Səni elə ondan ötrü çağırdım. Axı bu kişiciyi aparıb başını harada batırdınız? Qurban. Kişinin niyə başı batır? Onu dəyirmanın novundan salsan, donuzluğundan diri çıxar. Fatmanisə. Bəs bu bədbəxt oğlu harada qaldı? O da sizinlə getməmişdimi? Qurban. Bizimlə getmişdi, doğrudur. Biz getdik Tovuzun kolxoz yerlərinin əkininə kömək eləyib, vaxtında qurtardıq. Sonra xəbər gəldi ki, Qasım İsmayılov dairəsində də əkin işi ləngə düşmüş. Tarıqulu özünü udarnik yazdırıb getdi oraya. Biz evə qayıtdıq. Vəssalam... Fatmanisə. Necə? Udernik yazdırdı? İndi ki, udernik-mudernik yoxdur? Qurban (gülür). Udernik nədir, ay dayı qızı? Udarnik, yəni zərbəçi. Fatmanisə. Anladımsa, başıma daş düşsün. Bu camaat gündə bir təzə söz çıxardacaq: kolxoz, udernik, nə bilim zorbaçı! Mən zorbaçı-zurnaçı anlamıram. Bircə de görüm, kişi nə vaxt gələcək? Qurban. Arxayın ol, bu gün-sabah burada olar. Qədim. Mənə də təzə paltar gətirəcək. Qurban. Əlbəttə, elə ki, işini qurtardı, palaqaysasını aldı, sənə də bir dəst pioner paltarı alıb gətirəcəkdir. Fatmanisə. Ay Qurban, atanın gorunu sevərsən, dədə-baba dilini danış. Bu sözləri haradan öyrəndin gəldin? Qurban. Ay rəhmətliyin qızı, dədə-baba nədir? Dədə-baba getdi, dilini də özü ilə apardı. Sən göydən düşübsən, nədir? Məgər ətrafı gözlərin görmür? İndi Şura hökumətidir, hər hökumətin bir dili olur. Şura hökuməti tək bir dil gətirməyibdir, savad gətiribdir. Keçən vaxtlarda kəndxuda bir baviska göndərəndə qapı-qapı gəzib oxutmağa adam axtarırdıq. İndi, bax (cibindən qəzet çıxarır), mən qəzet oxuyuram, dünyada olan işlərin hamısından xəbərdaram. Kəndin çox yarısı savadlanıbdır. Bir az keçməz Azərbaycanda bir savadsız arvad, ya kişi qalmaz. Qədim. Qurban dayı, o gün müəllim məni dədəmin yanında görüb dedi: “Bunun oxumaq vaxtı yetişibdir, əlbəttə, payız girən kimi bunu məktəbə göndərərsən”. Dədəm də əlini gözünün üstünə qoyub dedi: “Baş üstə”. Payız olan kimi məktəbə gedəcəyəm. Qurban. Bəs nədir? Əlbəttə, gərək oxuyasan. Oxu, öyrən, öyrəndiyini anana da öyrət. Fatmanisə. Bəli, düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Qurban. Burada saqqal darağı-filan yoxdur. Odur, mənim qızım, Səfərin arvadı, Cəfər kişinin gəlini, Pərinisə qarının nəvəsi, hamısı axşamlar gedib dərs oxuyurlar. Sən də oxuyarsan, onlar kimi savadlanarsan, daha zərbəçiyə zurnaçı, udarnikə udernik deyib, xalqı özünə güldürməzsən. Fatmanisə. Atayın gorunu sevərsən, mənim yaxamdan əl çək, nə zorbaçı tanıyıram, nə zurnaçı. Onu bilirəm ki, başıma daş düşüb, balam yetim qalacaq. Belə boş danışıqlarla başımı tovlayırsan. Nə oldu, gedənlər hamısı qayıtdı, elə bir mənim kişim zorbaçı çıxdı? Qurban. Səninlə danışanın gərək dəmirdən bir boğazı olsun. İndi ərin Tarıqulu gələndə, gəlib sənin kefini soruşaram. Rəhmətliyin nəvəsi, məni nahaq yerə yolumdan elədin. Tələsiyirəm, qiraət komasında iclasımız var, gərək özümü oraya yetirəm. (Durub gedir.) Fatmanisə. Allah, bəndələrinə yazığın gəlsin, xalq ata-baba dilini unudub, özündən təzə dil çıxarıb. (Qapıdan sağsağan səsi gəlir. Oğluna) Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Qədim. Ana, hancarı deyim? Fatmanisə. Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Qədim (“sağsağan, sağsağan, xeyirxəbər olasan” deyə-deyə çıxır. Bayırdan səsi gəlir.) Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Fatmanisə. Ay Göy imam, sağsağanın xəbəri doğru olsun, gəlim qurbanımı kəsim. (Qədim qayıdır.) Əyə, dedinmi? Qədim. Başı Murad uşağının qapısına tərəf idi. Quyruğu da bizə tərəf. Fatmanisə. Daha başımıza daş düşdü. Ay yazıq balam, atanın başında bir şey var. Evin yıxılsın, səbəb! Kişini tovladılar, evini yıxdılar, biz də qaldıq çöldə. Qədim ağlayır. Kənd uşaqlarından üç nəfər daxil olur. Uşaqlardanbiri. Qədim, nə oturubsan evdə? Tez ol gedək. Qədim. Mən heç bir yana getməyəcəyəm. Uşaq. Sabah mayın biridir. Budur, uşaqlar hamısı yığışıblar, gedirik bağlarda bənövşə yığıb gətirib, guşəmizi bəzəyək. Qədim. Mən heç yana gedən deyiləm. Evimizdə oturacağam. Uşaq. Getmirsən getmə, daha niyə ağlayırsan? Qədim (ağlayaraq). Odur, nənəm deyir ki, dədən ölüb. Sən yetim qalacaqsan. Uşaq. Bu xəbəri sizə kim gətirdi? Odur mənim atam da sənin atanla getmişdi, qayıdıb gəldi. Deyir: Tarıqulu da zərbəçi olub, getdi Qasım İsmayılov dairəsində əkinə kömək eləməyə. Sabah gələcək. Fatmanisə. Arxayın olun, gələcək. Elə sağsağan da onu deyir. Uşaq. Sağsağan nədir, ay Fatmanisə xala? Qə dim. Qapıda sağsağan qarıldayırdı. Nənəm dedi, yəqin dədən gəlir. Çıx deginən: “Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur”. Mən də çıxdım dedim. Sağsağanın quyruğu bizim evə tərəf idi, başı Murad uşağının həyətinə. İndi nənəm deyir ki, yəqin sağsağan atanın ölüm xəbərini gətiribdir. Atan sağ olsaydı, sağsağan başını bizim evə tərəf tutub qırıldardı. Uşaqlar gülüşürlər. Uşaq. Sağsağan xəbər gətiribdir? Ha!.. Ha!.. Ha!.. Xəbəri poçt gətirər, teleqraf gətirər. Sağsağan da xəbər gətirərmi? Bax, belə şeylərə inanarsan, biz də səni görəndə sataşarıq, sənə gülərik, ağız-ağıza verib deyərik: “Səlli əla sağsağan, isti fətir, göy soğan!”. Fatmanisə. Sizdə təqsir yoxdur, təqsir sizə tərbiyət verib dindən, məzhəbdən çıxardanlardadır. Camaatın üzü Allahdan dönüb. Uşaqları da xarab edirlər. (Qədimə) Oğlum, sən də yoldaşlarınla get, evdə qalıb xiffət eləmə. Uşaqlar (Qədimin qolundan tutub, atılaraq). Səlli əla sağsağan, isti fətir, göy soğan. Çıxırlar. Fatmanisə (bir dərin ah çəkib, gedib başını qapıdan bayıra çıxarır). Ay Gülpəri, ay Gülpəri! Gülpəri (eşikdən). Nə var, ay qız? Fatmanisə. Bircə, özünü mənə yetir, sən balalarının canı. (Qayıdır otağa.) Gülpəri (daxil olur). Nə var, ay qız, nə xəbərdir? Fatmanisə. Nə olacaq? Kəndin avaraları yazıq kişini tovlayıb Tovuz dairəsində hava apardılar. İndi onunla gedənlər hamısı qayıdıb gəliblər, ondan bir xəbər yoxdur. Deyirlər zorbaçı olub, ya nə olub, dilim də tutmur deməyə, oradan da bir ayrı dairəyə gedibdir. Ancaq məni aldadırlar. Kişinin başı əlində deyil. Bir az bundan qabaq gördüm qapıda sağsağan qırıldayır. Dedim, Allah, sənə şükür, kişi gəlir. Bir də baxdım ki, sağsağanın quyruğu bizə tərəfdir. Əlim-ayağım yerdən üzülüb, bilmirəm nə qayırım, nə çarə qılım. Gülpəri. Nə çarə qılacaqsan? Allah axırını xeyir eləsin. Sağsağan ki quyruğunu evə tərəf çöndərib qırıldadı, yəqin, ölüm yoxsa da, bir bədbəxtlik üz veribdir. Fatmanisə. İndi mənə məsləhətin nədir? Gülpəri. Dur gedək Molla Zamanın yanına. O bir Qurana məşvərət eləsin. Sağsağan yalan deməz. Bu, min dəfə sınanmış bir işdir. Amma yenə arxayınlıq üçün Qurana məsləhət elərik. Fatmanisə. Nə deyirəm, gedək. Bir cüt kişiyə corab hörmüşdüm, onudaca aparım verim mollaya. Gülpəri. Di dayanma, elə indicə gedək. Fatmanisə. Allah, bəndənə özün rəhm elə, mənim bircə balamı yetim qoyma. Çıxırlar. Pərdə İkinci şəkil Molla Zamanın evində. Molla və arvadı. Molla Zaman. Arvad, günortaya bir şey düzəldə bilibsən, ya ac qalacağıq? Arvadı. Günortaya nə var ki, nə bişirim? Səhər Həmidə dedimki, get qəssab Bağırdan iki girvənkə nisyə ət al gətir. Deyir, vaxtım yoxdur, uşaqlarla bənövşə yığmağa gedirik, sabah may bayramıdır. Gərək guşəmizi gül və çiçəklə bəzəyək. Nə qədər dedim, ağzıma baxmadı, çıxdı getdi. Molla Zaman. Bu zamanın uşaqlarını Allah qırsın, nə ata sözünə baxırlar, nə ana sözünə. Kefləri necə istəyir elə də dolanırlar. Arvadı. A kişi, sən, nə qədər olsa, mollasan, Allahın elmindən xəbərdarsan. Bir gün oğlunu çağır yanına, ona nəsihət elə. Ona şəriətin yollarını göstər, onun üzünə ağ olanın yeri qiyamətdə cəhənnəmin isti bucağıdır. Molla Zaman. Rəhmətliyin qızı, sən də nə qoyub, nə axtarırsan! Bu zamanın uşaqlarına nəsihətmi kar elər? Danışırsan, deyir: mən səndən çox anlaykam. Sənin, deyir, siyasi savadın yoxdur. Xülasə, başımıza daş düşübdür, bu ilin sərçəsi bildirki sərçəyə civ-civ öyrədir. Bir neçə gün bundan əqdəm onu çağırıb, yanımda oturtdum, bir az nəsihət elədim. Dedim, bala, gəl sənə namaz öyrədim. Gör mənə bu fındıq boyda tülkü nə deyir? “Namaz bekar adam işidir. Mən səhərdən axşamadək işləyirəm. Mənim, gedib taqqataq başımı yerə döyməyə vaxtım yoxdur...” Bilmirəm, niyə göydən daş yağmır, niyə Allah camaatın başına od tökmür. Tamam el Allahdan üz döndəribdir. Nə namaz qılan var, nə oruc tutan var. Bir deyən yoxdur ki, axı, bu kişi molladır, Allahın elmini oxuyub, ona da bir əl uzadaq. Budur neçə ramazan gəlib keçibdir, bir quruş cibimə girməyibdir. Necə qurban keçibdir, bir bozbaşlıq ət gətirən yoxdur. Deyirlər, orucluğu, qurbanı mollalar özlərindən çıxardıblar, özlərinə mədaxil yolu düzəldiblər. Kitablarda yazırlar ki, dəccal xüruc eləyəcək. Xalq Allahdan üz döndərib dəccalın dalına düşəcək. Daha dəccalın xurcu bundan artıq olmaz ki?! Hanı o gözlədiyimiz sahibəzzaman? Gəlib bu dəccalın şərrini xalqın başından rəf eləyə. Arvadı. Hanı? Gəlsin də! Vallah, adam fikir elədikcə, əqidəsi də dönür. Molla Zaman. İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın. Arvadı. Əstəğfürullah, əstəğfürullah. Qələt elədim, dilim-ağzım qurusun. Molla Zaman. Bunlar keçəndən sonra, yenə bir de görüm, günortanın fikrini çəkibsən, ya yox? Axı bir azdan sonra acacağıq. Qız, Həmid də ac gəlib, çörək istəyəcək. Ar vad. Həmidi görüm zəhrimar yesin. Onun yediyi çörək də heyfdir... Molla Zaman. Onun xoşbəxtliyi ondadır ki, səğirdir. Kəbir olsaydı, şəriətə görə onun qətli vacib olardı. Axı heç demədin, günorta nə yeyəcəyik? Arvadı. O gün naxoş oğluna dua yazdığın arvad beş yumurta gətiribdir. Onları bişirib verərəm yeyərsən. Sabah üçün də Allah kərimdir. Molla Zaman. Yəqin ki, arvadın uşağı mənim duamın səbəbindən sağaldı. Arvadı. Yox, uşaq öldü. Amma deyir, yenə mollanın yolu boş qalmasın. Molla Zaman. Allah atasına rəhmət eləsin. (Qapı döyülür.) Gör qapını döyən kimdir. Arvadı (çıxıb baxıb, qayıdır). Gülpəri qarıdır, bir də Tarıqulunun arvadı Fatmanisə. Molla Zaman. Gəlsinlər, gəlsinlər. (Gülpəri və Fatmanisə daxil olub, salam verirlər.) Əyləşin, bacılar, xoş gəlibsiniz. Ay Fatmanisə, Tarıqulu Tovuz tərəfə hava getmişdi, gəlib çıxmadı? Gülpəri. Axund, elə onun üçün qulluğuna gəlmişik. Tarıqulu ilə gedənlər hamısı qayıdıb gəlmişlər. Deyirlər, nə bilim, Tarıqulu oradan da başqa bir yerə hava getdi. İndi külfətinin ürəyinə qara-qura gəlir. Deyir, yəqin kişinin başında bir iş var, mənə demək istəmirlər. Fatmanisə. Axund, elə səni deyib gəlmişəm. Oxuduğuna mənim bu canım qurban. Bircə Quranı aç bax, görək bu kişicik harada qaldı. Bu bir cüt corabı da ayaqlarına gey. Neyləyim, gücüm elə ona çatır. Molla Zaman. Allah qəbul eləsin, bacı, çox-çoxdur. Tarıqulu nə qədər bu bolşeviklər gəlməmişdilər bir təmiz Allah bəndəsi adam idi. Bilmirəm, ona sonra nə oldusa, birdən rəyi xarab oldu, yolundan azdı. Fatmanisə. Qurbanın olum, ay axund, mən də nə qədər çalışdım, onu yola gətirə bilmədim. Özü dindən çıxıb, məni də dindən çıxarmaq istəyir. Axır əlacım kəsilib, bir gün canımı dişimə tutub dedim: ay kişi, sən mənim balamın atası olmasaydın, bir gün də sənin evində oturmazdım. Cavabında deyir: “Səbr elə, bir az gözlə, mən deyənə gələrsən”. Molla Zaman. Bilirsən, Fatmanisə, nə var? O ki, dindən çıxıb, İndi şəriətə görə sənin kəbinin puçdur, bu saat çıxıb ərə gedə bilərsən. Fatmanisə. Başına dönüm, axund, bayaq dedim, balamın atasıdır, ona görə dustaq olub onun ocağının qırağında qalmışam. Əgər uşaq olmasaydı, onun evində bir günorta oturmazdım. Neyləyim ki... Molla Zaman. İndi deyirsən, Qurana bir istixarə eləyim, ərin gələcək ya yox? Fatmanisə. Quranına qurban olum, elə onu deyirəm. Molla Zaman (Quranı götürür, gözlərini yumub dua oxuyan adam kimi dodaqlarını tərpədir. Sonra salavat çevirib Quranı açıb oxuyur.) Nə varsa bəd gəlir. Amma yenə ümidi Allahdan üzmək yaxşı deyil. Fatmanisə. Quranda nə yazılıbdır ki? Molla Zaman. Xudavəndi-aləm belə buyurur: cibillən kəsira, əffəlləm təkunu təqulun. Gülpəri. Bay atovun evi yıxılsın, Fatmanisə, başına daş düşdü. Odur Qurandan Tarıqulunun adı da çıxdı. Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Fatmanisə. Vay, mənim başıma daş düşsün, evim yıxıldı, balam qaldı düzlərdə. İndi mən onu nə ilə saxlayacağam? Molla Zaman. Dayan bir məna eləyim. Gülpəri. Daha nə mənası? Açıq yazır ki, Tarıqulunun cibini kəsib, özünü öldürüblər. Yəqin fəqir, quldur-qaçaq əlinə keçdi, vurdular yıxdılar yerə. Dur gedək, görək başımıza nə gəlir. Fatmanisə (ayağa durur). Başımıza bundan artıq nə gələcək? Allah mənim kişimi yolundan eləyənin balalarını qırsın! Mənim kimi onu görüm əli qoynunda qalsın! Axı ona bir deyən gərək idi ki, başıdaşlının, qaragünlünün oğlu bu nə özünə udernik, zorbaçı, ya bilmirəm nə adı qoyub, bilmədiyin, tanımadığın adamların havına getməkdir? Allah, məni avara qoyanı avara qoy! Mənim bircə balamı yetim qoyanın balalarını yetim qoy! Aman! aman... (Gedir.) Arvadı. Ay kişi, Quranda nə yazılmışdı? Molla Zaman. İstixarə doğrudan bəd gəldi. Tarıqulunun başında bir xata olmasına şəkk yoxdur. Bunların da özlərinin Qurana məna vermələri çox qəribədir. Dur, arvad, gör bu corabları bir üç-dörd manata sata bilərsənmi? Bir az yeyinti al gətir. Xalqın içində belə avamların olması da bəd deyil. Yoxsa molla sinfi acından ölər. (Əllərini yuxarı götürür.) Xudaya, pərvərdigara, yaratdığın bəndələrinin fikrini özün çək, yolundan çıxmışları yoluna qaytar. Pərdə Üçüncü şəkil Fatmanisənin evi. Fatmanisə (hirsli, qapıdan daxil olur). Evin yıxılsın mənim evimi yıxan! Balaların yetim qalsın, mənim bircə balamı yetim qoyan! Yazıq kişinin beynini yedilər, apardılar başına daş saldılar. Nə qədər dedim: a kişi, getmə, dedi: olmaz! Bu da canyandırmanın axırı. Daxil olurlar: Sərəncam, Güləndam, Qızyetər, Mahpəri. Sərəncam. A Fatmanisə, bu nə bəladır sənin başına gəldi? Deyirlər Tarıqulu əlli-ayaqlı itibdir. Fatmanisə. Nə bilim, ay Sərəncam, ağlım başımdan çıxıb, heç zad anlamıram. Güləndam. Ay qız, mənim kişim də onunla bir yerdə getmişdi. And içir ki, sağ-salamat, bir havı qurtardıqdan sonra, özü-öz əli ilə kişiciyi bir ayrı hava göndərdi. Yerin adın da dedi, yadımdan çıxıbdır. Fatmanisə. Qasım İsmayılov dairəsinə? Güləndam. Hə, hə. İman yiyəsi olasan. Fatmanisə. Öz əli ilə göndərdiyini mən də bilirəm. O sözü Qurban da deyirdi. Ondan sonra başına nə gəldiyini get molladan xəbər al. Səhər sağsağan quyruğunu qapıya döndərib, qır-qır qırıldayanda bildim evim yıxılıb. Getdim, molla Qurana baxdı. Orada da yazılıbdır ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Hətta Tarıqulunun Quranda adı da var. Qızyetər. Nə danışırsan, ay balam? Quranda imam, peyğəmbər adı olar, Tarıqulunun adının Quranda nə işi var? Fatmanisə. Gülpəri qarı Allah şahididir. (Gülpəri daxil olur.) Budur, özü də gəldi. Gülpəri. Nə var? Nə xəbərdir? Fatmanisə. Ay Gülpəri, mən danışıram, inanmırlar. Gəl bunları sən inandır. Gülpəri. İmansız olum ki, özcə qulaqlarımla eşitdim. Quranda yazılmışdı ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Qızyetər. Tarıqulunun adı da Quranda var idi? Gülpəri. İmansız olum ki, var idi. Molla beləcə oxudu. İflim-iflim Tarıqulu. Fatmanisə. İndi inandınız, ya yox? Sağsağana nə deyirsiniz ki, gözümlə gördüm? Güləndam. Sağsağan sınanmış bir şeydir. Mənim kişim ayda bir ya Bakıya, ya Gəncəyə, ya Tiflisə gedir. Kişi hər gələndən qabaq sağsağan gəlib qapıda qırıldayır. Qızyetər. Ay Fatmanisə, yüyürən yıxılmağına baxmaz. Get, bir həmşəri Cahanı da çağır gəlsin. O yaxşı noxud falı açır. Görək o nə deyəcək. Gülpəri. Həmşəri Cahan Qurandan çox bilir? Qızyetər. Kim deyir çox bilir? Yenə arxayınlıqdır. Fatmanisə. Mən ki kişidən əlimi üzmüşəm. Siz ki deyirsiniz, nə sözüm var, gedib həmşəri Cahanı da çağıraram. Mahpəri. Get, sən gəlincə biz də burada oturub, səni gözləyirik. (Fatmanisə gedir.) Ay canım, yanında danışmaq olmur. Bulaqdan dalımda su gətirirdim, iki kişi danışırdı. Biri deyirdi ki, lüt soyundurub, kolun dibinə atmışdılar. Yaxın kənddən gəlib, aparıb basdırdılar. Kar olum, əgər eşitmədimsə. Sərəncam. Danışanları tanımadın? Mahpəri. Bizim kəndin adamlarından deyildilər. Güləndam. Balam ölsün ki, onu mən də eşitdim. Amma bilmirəm, kim danışırdı. Öldürən olmayıb. Yolda avtomobil aşıb, başı təkərin altında qalıb əzilibdir, aparıb basdırıblar. Bu gün-sabah paltarını gətirəcəklər. Gülpəri. Molla oxudu ki, cibini kəsiblər. Güləndam. Ölənin cibini də kəsərlər, lüt də edərlər. Sərəncam. Bunların heç birisi deyil. Mən yaxşısını bilirəm. Bulağa su gətirməyə getmişdim, gördüm arvadlardan biri deyir: ay qızlar, Fatmanisənin ərinin başına gələn oyunu eşitmisinizmi? Hamı dedi, yox. Sonra arvad yenə söylədi. Bilmirəm, hansı kolxozamı hava getmişmiş, orada ora nə qədər çit, çay, qənd, iki cüt çəkmə verirlər. Cibində də pulu varmış. Qayıdıb evinə gələndə, yolda üstünə quldur düşür. Kişini soyurlar, ondan sonra da öldürüb, gətirib Qaraqurşaqlının yavuqluğunda atıb gedirlər. Qaraqurşaqlının ispolkomu onu oradaca basdırıb və tapşırıbdır ki, evinə mayın birindən sonra xəbər versinlər. Sabah mayın biridir. O birisi gün xəbərini gətirəcəklər. Deyirdi ki, bədəninə altmış-yetmiş yara vurublar. Özünü lüt soyub çılpaq qoyublar. Gülpəri. Elə molla da belə deyirdi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Sərəncam. Onu bilirəm ki, biçarə Fatmanisənin başına daş düşdü. Ölən öldü, yazıq yerdə qaldı. Yanında yeddi-səkkiz yaşında uşaq kimin qapısına gedəcək? Güləndam. Qapılara niyə gedir? Qızıl kimi əlləri var, əlindən hər bir iş gəlir, işləyib özünü də dolandırar, uşağını da. Sərəncam. Cavan gəlİndir, o tək dolanamı bilər? Adına əlli min söz qoşarlar. Gülpəri. Gülməmməd kişinin oğlu Mədəd onu bir vaxt istəyirdi. Fatmanisəni atası ona verməyib, Tarıquluya verdi. O gündən indiyədək Mədəd evlənməyir. Deyir, Fatmanisənin əri ölüncə subay oturacağam. Elə ki Tarıqulu öldü, gedib Fatmanisəni alacağam. İndi Mədəd muradına çatdı. Sərəncam. İşlər düzələcək, ortalıqda başı qapazlı qalan yetim olacaq. Fatmanisə, dalınca həmşəri Cahan daxil olurlar. Fatmanisə. Mən başıma düşən daşı yaxşı bilirəm. İndi doqqazla gedirdim, görürəm arvadlar, qıraqdan baxıb, başlarını bulayırlar. Sonra da mənə deyirlər ki, özünü toxtaq saxla. Ərinə heç zad olmaz, sağsalamat gəlib çıxacaq. Sağsağan yalan deyir? Mən min dəfə sınamışam. Deyək, sağsağan yalançıdır, mollanın Quranı da yalan deyir? Orada aydın yazıblar: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Qurana inanmayanın Allah başına daş salar. Amma yenə sizin deməyinizə görə, getdim həmşəri Cahanı gətirdim, bu da fala baxsın görək. Həmşəri Cahan. Quranın qarşısında bizim falımızın adı yoxdur. Ancaq mən bircə şey soruşacağam. Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Fatmanisavə Gülpəri. Yox, almadı. Həmşəri Cahan. Onda onun istixarəsinin düzlüyünə şəkk gətirmək olar. Güləndam. Di sən fal aç, görək. Həmşəri Cahan (cibindən bir ovuc noxud çıxarır). Bismillahi rəhmanir rəhim! Falımız faldır, falmanımız Allah! Hürü qarının əli ilə, Pəri qarının əli ilə, cin padşahının tacı xatirinə, Seyid Şəbinin cəddi xatirinə, on iki imam, yüz iyirmi dörd min peyğəmbər xatirinə, noxudlarım, sizdən doğru xəbər istəyirəm. (Noxudları əlində oynadıb yerə atır.) Biri tək düşdü, dördü də onun qarşısında hamısı burun-buruna. Birini buradan götürdüm, birini də buradan, yenə birisini buradan götürdüm, birini burdan, ikisini buradan, ikisini oradan. Bu bircə dənə tək qaldı. Qalanları çıxıb getdilər. Falı yaxşı görmürəm. Gülpəri. Daha nəyi yaxşı görəcəksən? Kişinin qabağına dörd nəfər çıxıb öldürüb, tək qoyub gedirlər. Yazıq, bədbəxt Tarıqulu. Fatmanisə. Bu da noxud falı. Buna da bir söz deyəcəksiniz? Daha nə deyirsiniz, onu da eləyim. Qızyetər. Ay qız, yenə ümidini Allahdan kəsmə. Bəlkə deyilənlər yalandır. Seyid Şəbinin ocağına bir nəzir də de. Fatmanisə. Nəziri nəyə deyəcəyəm? Seyid Şəbi mənim kişimi dirildib gətirib mənə verəcəkdir? Başıma daş düşüb, qurtarıb gedib. Qədim məyus daxil olur. Fatmanisə. Ay bala, gəldiniz? Yoldaşların da gəldilərmi? Qədim. Yox, ana. Getdik bənövşə yığmağa, uşaqlar başladılar mənə nəsihət eləməyə. Deyirlər, sənin anan avamdır, sən də avamsan, adam da, deyirlər, sağsağana inanarmı? Mən dedim ki, anam çox sınayıb, sağsağan həmişə doğru danışır. Bunun əvəzində hamısı ağız-ağıza verib, oxudular: səlli əla sağsağan, isti fətir, göy soğan. Mən də ağladım, küsdüm gəldim evə. Fatmanisə. Yaxşı elədin, bala, qayıtdın gəldin. Onların ataanaları da dinsizdir. Uşaqları da onlara baxıb dindən, məzhəbdən çıxıblar. Gülpəri. İndiki uşaqları demə. Heç birisi Allaha, peyğəmbərə inanmır. Tamam dünya dinsiz olubdur. Qızyetər. A Fatmanisə, nə olar, gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih əhval alasan. Fatmanisə. İspolkom mayın biri keçməsə, mənə xəbər verməz. Nə olubdur? Sağsağan yalan, noxud falı yalan, ispolkom doğru? Dinməz oturub evdə dərdimi ağlayacağam. (Qədimə) Bala, gəl yanıma. Acmısanmı? Qəd i m. Hə, ana, acam. Fat ma n i sə (durub taxçadan bir az pendir, çörək alıb verir). Al ye, axşama bozbaşımız var. Gülpəri. Ay arvadlar, durun gedək. Axşama az qalıbdır, inəklər naxırdan qayıdacaqlar. Sərən cam. (Fatmanisəyə). Ümidini kəsmə. G ü lən dam. Neyləməli, səbrdən başqa əlac yoxdur. Qızyetər. Bu işlər hamısı keçəndən sonra, bir səhih xəbər gəlincə özünə əziyyət vermə. Həmş ər iCa ha n. Mən də durum gedim, a Fatmanisə, axşamdır. Fa tmanisə (pul verir). Xoş gəldin. Hamı gedir. Fat ma n i sə (oğlunu qucaqlayır). Yazıq balam, atasız yetim balam! Pərdə * * * İkinci pərdə Dördüncü şəkil Kənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla bəzənmiş. Arvadlar, kişilər, uşaqlar faxir libasda gəzişirlər. Bir tərəfdə musiqi – yastı balaban çalınır. Kəndin cavanları oynayırlar. Qədim bir kənardan durub tamaşa edir. Bir qədər keçdikdə şeypur, baraban səsi eşidilir. Bir dəstə pioner nizamla gəlib meydançada toplaşırlar. Musiqi kəsilir. Komsomolçu. Yoldaşlar! Bu gün cəmi dünya proletarlarının böyük bayramıdır. Bu gün dünyanın hər yerində işçilər, kəndlilər əllərində qırmızı bayraqlar: “Yaşasın hürriyyət! Yaşasın əmək azadlığı! Yaşasın dünya inqilabı! Yaşasın beynəlmiləl!” – deyə on minlərlə, küçələrə, meydanlara çıxıb qışqırırlar. Avropa məmləkətlərində işçilər zavodçuların, fabrikantların əllərində, kəndlilər mülkədarların əllərində qul olub işləməkdədirlər. Milyonlarca işsiz qalanların bu gün bayram ocağı boşdur. Bunların hamısının ümidləri dünya inqilabında və Şu ralar İt ti f a qın d a dır. Yaşasın hamı proletarları əzabdan qurtaran dünya inqilabı! Ura!.. Camaatvəpionerlər (qışqırırlar). Ura!.. Komsomolçu (pionerlərə). Pioner yoldaşlar! Siz Vladimir İliç Leninin əziz, istəkli balalarısınız və onun yolu ilə gedən rəhbərlərin və müəllimlərin gələcəkdə əvəzisiniz. Bu rəhbərlərə layiq əvəz olmaq üçün sizə üç şey lazımdır: əvvəlinci oxumaq, ikincisi oxumaq və üçüncüsü yenə oxumaq. Bu, sizi ürəkdən sevən atanız Vladimir İliçin siz balalarına vəsiyyətidir. Yaşasın Lenin yolu ilə gedən inqilab rəhbərliyi!.. Ura!.. Pionerlərvəcamaat. Ura!.. Ura!.. Şeypur və baraban çalınır. Komsomolçu. Yaşasın sizə tərbiyə verən müəllimləriniz!.. Urra!.. Pionerlər. Urra!.. Şeypur və baraban çalınır. Birincipioner. Yoldaşlar, mənim təklifim var: gəlin səs-səsə verib, bir yaxşı nəğmə oxuyaq. Pionerlər. Oxuyaq, oxuyaq. Ura!.. Hamısı nəğmə oxuyurlar. İkincipioner (Qədimə tərəf gəlir). Qədim, kənardan niyə durub baxırsan? Niyə bizimlə nəğmə oxumursan? Qədim. Nə bilim? İkincipioner. Nə bilim bir cavab deyil. Üçüncüpioner. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Komsomolçu. Qədim, bilirsən nə var? Şuralar yolunda yüz minlərcə adamlar can qoyublar. İşçilər kapitalistlərin əlindən qurtarmaq üçün, rəiyyət bəylərin, xanların, müamiləçi hacıların, mollaların, seyidlərin, mərsiyəxanların, Dərvişlərin əllərindən qurtarmaq yolunda nə qədər qan töküblər. Sənin atanın ölümü hələ məlum deyil. Elə deyək doğrudur. O da şuralar yolunda verilən qurbanlardan biri. Sənin Şura hökuməti kimi atan var, səni atandan yaxşı saxlayacaq. Şura hökuməti onun yolunda can qoyanların külfətini başıaçıq qoymaz. Get yoldaşlarına qarış, sən də onlar ilə nəğmə oxu. Bu gün bayramdır. Oxumaq, oynamaq, gülmək günüdür, ağlamaq günü deyil. Pioner bu gün hər dərdini yaddan çıxarmalıdır. Qədim. Atam deyirdi, səni məktəbə qoyacağam. İndi məni məktəbə kim qoyacaq? Komsomolçu. Səni məktəbə də qoyacaqlar, yaxşı da oxudacaqlar. Böyüyüb müəllim olacaqsan, sən də pionerlərə dərs verəcəksən.Ondan sonra sağsağana, qarğaya, tasa, fala inanmayacaqsan. Görəcəksən ki, bunların hamısı fəqir-füqəranı tovlayıb, ciblərini kəsmək üçündür. Get, bala, get yoldaşlarınla sən də nəğmə oxu. İki pioner Qədimin qolundan tutub çəkirlər: gəl gedək! Qədim. Bir də mənə sataşıb, “səlli əla sağsağan” deməyəcəksiniz? Birincipioner. Yox, bizə yavuq gələn, bizimlə bir fikirdə olan yoldaşlara sataşmarıq. Qədim. Onda gedək. (Gedib uşaqlara qarışır.) Birincipioner. Yoldaşlar, Qədim gəldi. Daha sağsağanın quyruğunu əldən qoydu. Pionerlər. Ura!.. Ura!.. Təzədən nəğmə oxuyurlar. Komsomolçu (qabağa gəlir). Uşaqlar, nəğməni gözəlcə oxudunuz. İndi oynamaq da lazımdır. (Aşıqlara) Çalın, İndi də pionerlər oynayacaqlar. Aşıqlar çalırlar, pionerlər birbəbir oynayırlar. İkincipioner. Yoldaşlar, təklifim var. Pionerlər. Necə təklif? Nə təklif? İkincipioner. Gərək Qədim oynasın. Qəbul edənlər əllərini qaldırsınlar. (Hamı əl qaldırıb ura qışqırır.) Qəbul olundu, Qədim, keç ortalığa. Qədim. Mən oynamaq bacarmıram. İkincipioner. Olmaz, gərək oynayasan. Birincipioner (Qədimə). Özün bil, oynayırsan oyna, oynamırsan yenə “səlli əla sağsağan” oxuyacağıq. Qədim. Yox, oxumayın, oynaram. Birincipioner. Di oyna. (Aşıqlara) Aşıq, çal! Aşıqlar çalırlar. Pionerlər (Qədim oynayıb qurtardıqdan sonra). Afərin! Sağ ol! Malades! Komsomolçu (pionerlərə tərəf gəlir. Aşıqlar sakit olurlar). Uşaqlar, sizə bir qəribə nağıl söyləyim. Bizim kənddən bir kişi Tovuz dairəsində bir kolxoza buksirə getmişdi. Orada buksir qurtardıqdan sonra özünü zərbəçi elan edib Qasım İsmayılov dairəsindəki kolxozlara köməyə gedib. Buradan qayıdanda yolda üstünə quldurlar tökülüb onu öldürüblər. İndi o kişi dirilib, budur gəlir. Pionerlər. Hanı, hanı? (Qədimin atası Tarıqulunu görürlər.) Qədimin atası gəldi! Qədimin atası gəldi! Qədimin atası gəldi! Hoppanırlar. Qəd i m (atasını görüb yüyürür qabağına). Ay dədə, bəs deyirdilər səni öldürüblər? Tarıqulu. Kimin nə hünəri var sənin atanı öldürə? Onu kim deyirdi? Qəd i m. Arvadlar deyirlər. Tarıqulu. Arvadlara qalsa, adamı gündə beş dəfə öldürüb, basdırırlar. Pionerlər. Sağsağanlar xəbər gətiriblər, sağsağanlar. Tarıqulu. Gedək evə, gör sənə nə yaxşı peşkəşlər gətirmişəm. Birincipioner. Qədim, sağsağanı necə gördün? Tarıqulu. Bu nə sağsağandır? Qəd i m. Gedərik evdə bilərsən. (Yoldaşlarına) İndi mən də sizinlə bir yerdə oxuyacağam. (Oxuyurlar.) Səlli əla sağsağan, isti fətir, göy soğan! Xalq meydançada çalıb-oynamaqda davam edir. Pərdə Beşinci şəkil Tarıqulunun evi. Fatmanisə cəhrə əyirir, hərdənbir ah çəkir. Gülpəri (daxil olur). Necəsən, a Fatmanisə? Heç kişidən bir xəbər yoxdur? Fatmanisə. Kişi haradadır ki, ondan bir xəbər də gələ. Kişini aparıb harada başını əkdilərsə, Allah bilir. Kənddə, budur, hamı danışır ki, sabah onun ölüm xəbərini gətirəcəklər. Heç nahaq yerə qaldım qara günün qarasına. Əlimdə də bir yetim uşaq. Gülpəri. Deyirlər ki, onun nəşini Qaraqurşaqlıda basdırıblar. Gəlsənə oraya bir adam göndərəsən. Fatmanisə. Adamı nahaq yerə avara eləyib niyə göndərəcəyəm? Adam da gedən kişilərin biri. Hər kəsə ağzımı açıram, deyir: arvad, ayıbdır, boş sözlərə inanma. Kişinə bir şey olsaydı, biz bilərdik. Məni arxayın eləyib yola salırlar, sonra dalımca əlli min söz danışırlar. Deyirlər, qoy Tarıqulunun ölüm xəbərini hökumət özü versin. Adam göndərəcəyəm, o da gedib bir az boş-boşuna dolanıb bir yalan xəbərlə qayıdacaq. Gülpəri. Elədir, ay qız, elədir! Yazıq sənin gününə. Bir üzü qız, bir üzü gəlin, qalacaqsan bu damın altında. Kişiciyi nahaq yerə aldadıb, otundan, suyundan avara elədilər. Ay qız, hərdənbir fikir eləyirəm ki, bəlkə Tarıqulu sağdır. Sonra istiğfar eləyirəm. Nə oldu, Allahın kəlamı da, iki fal da yalan oldu? Arvadların, kişilərin hər yerdə danışıqlarına nə deyirsən? Yazıq Fatmanisə! Fatmanisə. Yazıq dedin qoydun? Yazıq günə qaldım, yamanca yerdə axşamladım. Ta rıqulu (daxil olur). Arvad, nə olubdur ki, yaman yerdə axşamlayasan? Fatmanisə ərini görüb, gözləri böyümüş halda bir az ərinin üzünə mat baxdıqdan sonra qışqırıb özünü bir küncə soxur, başlayır titrəməyə. Tarıqulu (Gülpəriyə). Ay Gülpəri, gör bu arvada nə oldu, niyə belə eləyir? Gülpəri (qışqırıb özünü o biri küncə soxur). Əstəğfürullah, əstəğfürullah! Haradan gəlibsən, oraya qayıt! Fatmanisə (titrəyir). Bismillah, bismillah! Tarıqulu (Fatmanisəyə). Dəli olmayıbsan, ay arvad, nədən qorxursan? Görmürsən ki, mənəm, Tarıquluyam?! (Qolundan tutur.) Fatmanisə (qışqırıb əlləri ilə üzünü örtür). Aman, yavuq gəlmə, yavuq gəlmə! Tarıqulu. Bu adamlar dəli olublar, nədir? Gülpəri dizləri üstündə yavaş-yavaş qapıya tərəf sürünür. Tarıqulu dönüb baxdıqda ucadan qışqırıb qapıdan çıxır. Qədim (yoldaşları ilə daxil olur). Bu qarı niyə qışqıra-qışqıra, bismillah deyə-deyə qaçdı? Tarıqulu. Bilmirəm nə işdir? Odur anan da küncə girib titrəyir, yavuğa gedəndə, qışqırıb məni qovur. Qədim və uşaqlar gülüşürlər. Birincipioner. Tarıqulu əmi, bilirsən nə var? Kənddə xəbər çıxmışdı ki, səni öldürüblər. İndi Fatmanisə xala elə bilir ki, sən xortlayıbsan. (Gülür.) Odur ki, qorxudan qaçıb divara qısılıb titrəyir. Qədim. Dədə, budur iki gündür nənəm ağlayır, mən də ona baxıb ağlayıram. Tarıqulu. Di belə söylə də! (Arvadına) Ay axmaq, dur bəri gəl. Mən də qorxdum, dedim arvadın başına hava gəlibdir, nədir? Fatmanisə (titrəyərək). Pə... pə... pə... Bəs sə... sə... səni öldürməyiblər? Tarıqulu. Ay qız, məni kim öldürə bilər? Məni öldürən hələ anasından olmamış. Mən özüm bir tək bu yumruğla dörd quldurun öhdəsindən gələrəm. Gəl, bax gör sənə, Qədimə nə yaxşı sovqatlar gətirmişəm. Sənə bir dəst paltar, Qədimə çəkmə, ondan başqa qənd, çay konfet... hər şey... Qədim. Dədə, bəs mənə pioner paltarı almadın? Birincipioner. Pioner paltarını sənə biz verəcəyik. Fatmanisə (yavaş-yavaş gəlir). Bəs hamı niyə deyirdi ki, səni öldürüblər? Tarıqulu. Qorxma, yeyin gəl. Bircə deyin görüm, mənim öldü xəbərimi sizə kim gətirdi? Qədim. Dədə, sağsağan gətirdi. Tarıqulu. Sağsağan nədir, ay bala? Qədim. Qapıda sağsağan qırıldayırdı, nənəm dedi ki, sağsağan dədənin gəldi xəbərini verir. Dur deginən: sağsağan, sağsağan, xeyir xəbər olasan, oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Mən də çıxıb, deyib qayıtdım. Anam soruşdu ki, sağsağanın başı bizə tərəf idi, yoxsa quyruğu? Dedim quyruğu. Elə onu dediyimi gördüm, iki əllərini dizlərinə çırpıb dedi: vay evim yıxıldı, yəqin kişinin başına daş düşdü. Tarıqulu. Arvad, mən sənə həmişə deyirdim ki, avamsan. Amma belə axmaq olduğunu bilmirdim. Sağsağan nədir, dəlisən, nəsən? Fatmanisə. Getdim mollaya da baxdırdım. O da dedi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Həmşəri Cahan noxud falına baxdı. O da dedi ki, dörd adam düşüb üstünə öldürüblər. Sonra da gördüm tamam kənd danışır. Tarıqulu. Kəndə də xəbər salan sənin axmaqlığındır. Nə vaxtadək sağsağana, qarğaya, noxud falına, mollanın keçə kitabına inanacaqsan? İndi görürsən ki, hamısı yalandır? Fatmanisə. Daha nə deyim? Tarıqulu. Nə sözün var, nə deyəsən? Bir vaxt var idi mən də sənin kimi kor idim. Cibkəsənlərin, qulaqkəsənlərin, fırıldaqçıların sözünə inanırdım. Sonra gözüm açıldı, doğrunu yalandan ayırdım. Budur, neçə ildir gecə-gündüz sənə deyirəm: arvad, get dərs oxu savadlan, dünyanın işlərinin yaxşı-yamanlığından xəbərdar ol. Mən dedim, mən eşitdim. Mənim nəsihətimi qoyub, getdi Gülpərinin, Mahpərinin, Şahpərinin sözlərinə baxdın. Fatmanisə. Daha sözüm yoxdur, gedib oxuyaram. Tarıqulu. Sabah da bayramdır. Ayın üçündə gedərsən qadınlar klubuna, orada başlarsan dərs oxumağa. Mən də sənin kimi savadsız idim. İndi görürsən kitab oxuyuram. “Yeni yol”, “Kəndçi” qəzeti oxuyuram. Kağız yazıram. Fatmanisə. Yaxşı, gedərəm. Kitab-dəftər al, gedim oxuyum. Tarıqulu. Sənə orada kitab da verəcəklər, dəftər də, qələm də. Hər şey verəcəklər. Eşitdin? Fatmanisə. Eşitdim. Birincipioner (Qədimə). Qədim, İndi bundan sonra sağsağan qırıldamasına, noxud falına inanacaqsanmı? Görürsənmi, bunlar hamısı yalandır. Atan sağ-salamat gəlib çıxdı, hələ sənə sovqat da gətirdi. Qədim. Tay, daha inanmaram. Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Birincipioner. İndi sən də bizimlə “səlli əla sağsağan” oxuyursanmı? Qədim. Oxuyuram. Qədim və pionerlər (oxuyurlar). Səlli əla sağsağan, isti fətir, göy soğan. Səlli əla sağsağan, isti fətir, göy soğan. Tarıqulu. Barakallah, balalarım. Yaxşı havadır, oxuyun. * * * == Yoldaş Koroğlu == Yoldaş Koroğlu Əsər doqquz şəkildə Əşxas İsrafil – kəndli, kor bir kişi Şərəf – onun arvadı Salman – onun böyük oğlu (Koroğlu) İmran – onun kiçik oğlu HacıBayram HacıNovruz } qolçomaqlar MəşədiƏhməd Kərbəlayı Allahverdi MirzəHəsən – kənd müəllimi MollaVəli Güldəstə – Hacı Bayramın qızı Rəhim – Hacı Bayramın nökəri Mahmud – Hacı Bayramın baş əmələsi Cavadov – hökumət nümayəndəsi Səfiqulu – kəndli Cavan, qoca kəndlilər; komsomolçu oğlanlar, qızlar, uşqalar, əsgərlər, komandir, qarovulçu, yaralı, uşaqlar * * * Birinci şəkil Kor İsrafilin evinin qabağında Şərəf və oğlu İmran əyləşmişlər. Gün batmağa meyl edir. İmran. Ana, axı mən acam, səhərdən ağzıma bir tikə çörək almamışam. Şərəf. Necə eləyim, ay bala? Mən yedim sənə vermədim? Mən də sənin kimi acam. İndi atan, qardaşın gələrlər, çörək də gətirərlər. İmran. Ana can, atama belə yazığım gəlir ki, səhərdən evdən çıxır, axşamadək bu kənddən o kəndə piyada uzun yollar gedir, axşam yorulmuş gəlir yıxılır, gecə sübhədək canının ağrısından yata bilməyir. Nə vaxtadək bizim dolanışacağımız belə keçəcəkdir? Şərəf. Əlac nədir, anan sənə Qurban olsun. Atanın gözləri olsaydı, indi işləyirdi, əkirdi, tökürdü, biz də dolanırdıq. İmran. Ana can, atamın gözləri nədən tutuldu? Şərəf. Ay bala, mən sənin atanın evinə gələndə elə gözləri kor idi. Uşaqlıqda çiçək çıxarıb, ondan kor olmuşdu. İmran. Yadındadırmı, ana can, atam bir dəfə naxoşladı, üç gün dilənməyə gedə bilmədi. Çardağın altında yazıq kişi uzanmışdı. Gəldim yanında oturdum, əlimi qoydum sinəsinin üstünə, soruşdum: ata haran ağrıyır? Əlimdən tutub məni özünə tərəf çəkdi, başımı sığalladı, üzümdən öpdü. Sonra əlini sifətimə çəkib dedi: ay bala, nə olardı bircə sənin, qardaşının, ananın sifətini görəydim, ondan sonra öləydim. Atama elə yazığım gəldi, gözlərimdən yaş axdı. Şərəf. Göydən hər nə bəla gəlsə, ay oğul, kasıba, yoxsula gəlir. Varlılarını, dövlətlilərin, bəylərin birinin uşaqları çiçək çıxarmayırlar. Kəndə çiçəkdöyən gələndə, gedir onların uşaqlarının çiçəklərini döyür, plovlarını yeyir, evlərində rahat yatır, səhərdən də durub, çıxır gedir işinə. Fəqirfüqəraya qulaq asan yoxdur. Odur ki, onların uşaqları da çiçəkdən kor olurlar. İmran. Ana can, bir də kəndimizə çiçəkdöyən gəlsə, məni apar, yalvar çiçəyimi döysün, mən də dədəm kimi kor olmayım. Şərəf. Yaxşı, bala! İmran (bir qədər sükutdan sonra). Ana can, axı mən acından öldüm. Şərəf. Bir azca səbr elə, oğul. Görürsən gün əyilib, batmağa az qalıbdı. İndicə atan da, qardaşın da gələcəklər. Durum bir az su qızdırım, atan gələndə ayaqlarını yuyum. (Qalxıb o yan-bu yana boylanır.) Bax, odur gəlirlər. İmran (sevinmiş). Hanı, hanı? (Atasının qarşısına yüyürür.) Şərəf çırpıdan ocaq qalayıb, üstünə qazanda su qoyur. İsrafil Salmanın çiynindən yapışmış daxil olur. İmran dallarınca gəlir. İsrafil (Şərəfə). Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm. Şərəf (döşəkcə salır). Gəl burada otur. (Qolundan tutub, oturdur.) İsrafil (əyləşir). Ayaqlarım taqətdən düşüb. Bir azdan sonra daha heç məndə gəzməyə hal qalmayacaqdır. Bilmirəm bu külfət necə dolanacaq? S a lma n. Qəm yemə, ata. Bir az keçər rahat olarsan. Bundan sonra sən evdə oturarsan. Mən qazanıb gətirərəm. Üç-dörd ildən sonra İmran da imraz elər, o da başlar qazanmağa, belə keçməz. İmran (atasının xurcununu açıb baxır). Ana, atam ət də gətirib. İsrafil. Gətirmişəm, oğlum, ət də gətirmişəm. (Arvadına) Ay Şərəf, o əti at qazana, bir şey bişir, uşaqlar yesinlər. Şərəf. Ocağa su qoymuşam. Ayaqlarını yuyum, sonra əti asaram. İsrafil. Ayaqlarımı yatanda yuyarsan. Qabaqca əti as, uşaqlar acdırar. Şərəf. Yaxşı, elə olsun. (Xurcunu götürüb aparır ocağın yanına, orada içindən ət və çörək parçalarını çıxarır. Bir parça çörək İmrana verir.) Ala, bunu ye, İndicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. İmran çörəyi alıb yeyir. İsrafil (Salmana). Bala, Salman, danışmaq asandır, iş görmək çətin. Deyirsən mənə evdə oturum, sən qazanıb məni saxlayarsan. Sən nə işə yapışacaqsan ki, qazanıb bu külfəti saxlaya biləsən? Salman. Ata, budur neçə aydır, axşam sən və anam yatandan sonra mən evdən gedib gecənin yarısından sonra gəlirəm. Niyə heç bir soruşmursan ki, bala, bu gecələri nə gəzirsən? Mən axşamlar gedib bizim kənd müəllimi Mirzə Həsəndən dərs alıram. Bir neçə yoldaşıq. İndi oxumaq, yazmaq bilirəm. Bir də, ata, bir iş var: müsavat hökumətinin axır günləridir. Bu günsabah Azərbaycana təzə hökumət gələcəkdir: işçi və kəndli hökuməti. Məmləkətin ixtiyarı İndiyədək ayaq altında əzilməkdə olan fəqir-füqəraya veriləcək. Ondan sonra bizim kimi yoxsulların hamısının əhvalı yaxşılaşacaqdır. İsrafil. Ay oğul, yuxu görürsən, nədi? Başı qapazlı fəqir-füqəra işmi apara bilər? Salman. Doğrudan da, bu işlər indiyə kimi çox adama yuxu kimi gəlirdi. Amma bu yolda işləyənlər də az deyildi. Işləyənləri öldürürdülər, Sibirə sürgün edirdilər. Onlar buna baxmayıb sözlərinin üstündə mərdi-mərdana dururdular və deyirdilər: füqəra milyonlarcadır, dövlətlilər minlərcə. Az çoxa ağalıq eləyə bilməz. Hökumət çoxun əlində olmalıdır. Bu yolda zəhmət çəkənlərin başında, canından keçən, ölümdən qorxmayan bir adam var ki, ona yoldaş Lenin deyirlər. Tamam Rusiyada bu saat işçi-kəndlilər onun sayəsində hökumətlik edirlər. İndi növbət bizə gəlir. İsrafil. Ay bala, sən bu işləri haradan bilirsən, bəs indiyədək niyə danışmırdın? S a lma n. Açıq danışmağın vaxtı deyildi. Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə xəbər gəlir. Bakıda adamlarımız işləyir. Bir neçə gündən sonra çıxıb, açıq-açığına söyləyib, xalqın hüququnu anladacağıq. Hacı Bayram (yolla ötərkən dayanır). Ay İsrafil, yenə balalarını başına toplayıb nə söhbət eləyirsən? İsrafil. Nə söhbət eləyəcəyəm, ay hacı! Bizim dərd-qəmdən başqa nə söhbətimiz ola bilər? Hacı Bayram. Sənin nə dərdi-qəmin ola bilər? Üçdə alacağın yoxdur, beşdə verəcəyin. Mənim kimi mal-qoyun dərdi çəkmirsən. Xalqın müftə çörəyindən yeyib yatırsan. Şərəf (əlində soğan doğrayarkən, ahəstə). Səni görüm, İsrafilin gününə düşəsən, arvadın da mənim günümə, onda görərsən ki, dərdqəm nəyə deyərlər. S a lma n. Az qalıbdır, ana. Bir azdan sonra biz çəkən dərd və qəmdən o da çəkəcək. İsrafil. Ay hacı, hər adamın dərdi özünə görə yükdür. Böyük başın böyük ağrısı olar, balaca başın da balaca ağrısı. Hacı Bayram. Ay İsrafil, sənin bu oğlun Salman qoçaq oğlana oxşayır. Gəlsənə onu mənə nökər verəsən? Ona yedikcə çörək verərəm, geydikcə paltar verərəm. Bir qədər məvacib təyin elərəm. Bir neçə vaxt qapıda-bacada işlər, mənim işlərimə bələd olar. Sonra gəldikcə işini, məvacibini artıraram, sən də rahat dolanarsan. İsrafil. Mənim sözüm yoxdur, özü razı isə, getsin. Hacı Bayram. Özü nə deyib razı olmayacaq! Onu oğul kimi saxlayacağam. Həmişə o da, səndə məndən razı qalacaqsınız. İsrafil (oğluna). Razısanmı, ay oğul? S a lma n. Sən razı olandan sonra, mənim nə sözüm ola bilər. Hacı Bayram. Onda bu günlərdə gələrsən bağlaşarıq, başlarsan işləməyə. Şərəf. Hacı Bayram, səni and verirəm balalarının canına, mənim balama ağır iş tutdurma. Hacı Bayram. Arxayın ol, mən ona gücünə görə iş verərəm. Arxayın ol bacı. Di salamat qalın. (Salmana) Bu gün bazar ertəsidir. Cümə axşamı səhərdən gələrsən, yaxşı da gündür. (Gedir.) Salman. Baş üstə. Hacı Bayram (dübarə qayıdır). Bax, orada duran başı şapkalını görürsən? (Barmağı ilə göstərir.) Elə adamlardan bacardıqca uzaq qaç. Sənin ağlını başından oynadarlar. (Gedir.) S a lma n. Hacı Bayramın evinə girmək bəd olmaz. Evi yaxşı evdir, kənd idarəsinə yaxşı yarar. İsrafil. Ay oğul, o kimi göstərdi? Salman. Bizim kənd müəllimi Mirzə Həsəni göstərdi. İsrafil. Bir belə ki, sən onu tərif eləyirsən, onu görüm dünya durduqca dursun. Salman. Necə tərif eləməyim? Mənim və yoldaşlarımın gözlərini açan, xalqı haqq yola çağİran o deyilmi? Mirzə Həsən gəlir. Mirzə Həsən. Salaməleyküm, ay İsrafil dayı. Necəsən? O yekəqarın kulakla nə söhbət eləyirdin? İsrafil. Kulak nədir, ay mirzə? Mirzə Həsən. Fəqir-füqəranın, işçilərin zəhmətlərindən varlanıb, onları tapdalayana kulak deyirlər. Nə əcəb iltifat üstünə gəlib, səninlə söhbət eləyirdi?! İsrafil. Bir söhbət yox idi, ay mirzə. Deyir, oğlun Salmanı mənə nökər ver. Mirzə Həsən. Sən necə? Razı oldun? İsrafil. Əlacım nədir, ay sənə canım Qurban. Qocalmışam, əzməyə taqətim yoxdur. İndiyədək uşaq idi, mənim də əlacım yox idi, dilənib külfət saxlayırdım. İndi daha böyüyübdür, bundan sonra da o qazansın məni dolandırsın. Mir zə Həsən. Sən elə eləmə, Israfil dayı. Mən sənin dilindən bir ərzihal yazaram, göndərərəm lazımi yerinə, sənin uşaqların böyüyüb səni saxlamağa qadir olunca, sənə məvacib kəsərlər. Uşaqların ikisini də göndər mənim yanıma dərs oxusunlar, savad alsınlar. Savadlandılarmı, hər biri bir iş sahibi olar. Sən də rahat yaşarsan. İsrafil. İndi Salmanın gedib hacı Bayramın evində qulluq eləməsini məsləhət görmürsən? M ir zəHəsən (bir qədər fikirdən sonra). Hələlik qoy getsin. (Salmana) Eybi yoxdur, bir neçə günlüyə get. Sənin ona yaxın olmağın lazımdır. Axşamlar yenə öz qaydası ilə görüşərik. Sonra işə baxarıq. (İsrafilə) İsrafil dayı, hacı bayramların hökumət sürmələrinə az qalıbdır. Onun tək kulakların, hampaların, mülkədar-bəylərin və xanların haqqında başqa fikirlər var. Bu günlərdə onun cəmi var-yoxunu əlindən alıb camaata verəcəklər, özündən xəbəri yoxdur. İsrafil. Mən bunu anlamadım, ay mirzə. Məni dürüst başa sal. Necə yəni onun malını əlindən alıb camaata verəcəklər? M ir zəHəsən. Burada başa düşməməli bir şey yoxdur. Hacı Bayram üçün dövlət, mal qazanan haman onun qapısındakı rəncbərlərdir, çobanlardır, naxırçılardır, kəndin kişiləri, arvadlarıdır. Bunlar zəhmət çəkiblər, zəhmətlərinin meyvəsini Hacı Bayram yeyib. İndi ona deyəcəklər ki, daha kifayət edər: mal zəhmət çəkənİndir, hazır üstündə oturub müftə yeyənlərin deyil. Odur ki, onun əlindəki camaat qazandığı malı alıb, camaatın özünə verəcəklər. İndi başa düşdünmü? İsrafil. Çox gözəl başa düşdüm. Bəs bunu İndiyədək niyə eləmirdilər? Mirzə Həsən. İndiyədək hökumət başında bəylər, xanlar oturublar, özləri kimiləri də saxlayıblar. İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti. İsrafil. Mən buna inanmırdım. Salman doğru deyirmiş. Bax, hökumət buna deyərlər. Ömrün uzun olsun, ay mirzə, mənim ürəyimi şad elədin. Mirzə Həsən. Di salamat qalın, mən gedirəm. Əlbəttə, uşaqları məktəbə göndərərsən. İsrafil. Baş üstə, ömrün uzun olsun. Xata-baladan uzaq olasan. Şərəf. Ay mirzə, kasıb koması olanda nə olar, yaxşı şorba bişirirəm, otur, bir-iki qaşıq yeginən. Mirzə Həsən. Yox, Şərəf xala, çörəyin bol olsun, çox razıyam. Ancaq qaranlıq düşənədək mən gərək evdə olam. Şərəf. Nə deyirəm, sən bilən yaxşıdır. İsrafil. Mirzə, ərizəni nə vaxt yazacaqsan? Mirzə Həsən. Nə vaxt uzaqdır. Bir az səbr elə, vaxtı yaxınlaşır. Hələ ki, xudahafiz. Salamat olun. (Gedir.) İsrafil. Xoş gəldin, göz üstə gəldin, ömrün uzun olsun. Salman (Mirzə Həsəni ötürür). Mirzə, bu gün bir təzə xəbər yoxdur? Mirzə Həsən. Yaxşı xəbər var. Şura hökumətinin gəlməsi bir həftə çəkməz. Salman. Deməli, zəhmətkeşlərin əziyyətlərinin axırıdır. Mirzə Həsən. Çörəkdən sonra gələrsən, təzə gələn məktubları sənə göstərərəm. Yoldaşlara xəbər ver, hazırda dursunlar. Təzə xəbərə görə Dağıstanda Şura hökuməti qurulmuş, müsavat vəzirlərinin başları ziyafətlərə qarışıb dünyadan xəbərləri yoxdur. Cəbhə büsbütün açıqdır. Şura qoşunu məmaniətsiz Bakıya girə biləcək. Salman. Bəlkə dəmir yolunu dağıtdılar? Mirzə Həsən. Bu mümkün deyil. Dəmir yolu əmələləri heç vədə buna yol verməzlər. Xülasə, yoldaşlara deginən hazırda dursunlar. İnqilab vaxtı həmişə bir qarışıqlıq gözləmək olar. Bizim kənddə də bir para dələduzlardan ara qarışdırma gözləmək olar. Kənddə asayişin pozulmasına gərək bizim yoldaşlar yol verməsinlər. S a lma n. Hazırdadırlar. Mürəxxəs olum. Bir-iki saatdan görüşərik. (Qayıdır.) İsrafil. Salman gedir qulluğa. Payız girənədək də məni İmran gəzdirər. Mirzə Həsənin ömrü uzun olsun. Bəlkə onun köməyi ilə zəhmətdən, əzabdan qurtaraq. Şərəf. Daha qaranlıq düşür, durun gedək içəri, mən də şorbanı bişirim gətirim. İsrafil. Ay oğul, gəl qolumdan yapış. Salman onun qolundan yapışıb içəri aparır. Şərəf (ocağın kənarında). Zəhmət, məşəqqətlə ömür keçirdik, kirpiyimizlə od götürdük. Mirzə deyən doğru olsaydı, ömrümüzün axırında işıqlı gün görərdik. Mirzə yalançı oğlan deyil. İmran. Ana, şorba bişmədi? Şərəf. Bir azca səbr elə, oğlum, İndicə bişər. Salman (içəridən çıxıb bir qədər göy üzünə baxır). Ana, o işıldayan ulduzu görürsən? Şərəf. Çoban ulduzunumu deyirsən, ay bala? Salman. Onu deyirəm. Bax, ana, onun beş guşəsi var. O nəinki bir çobanların, cəmi əlsiz-ayaqsızların, füqəranın, kasıbların, tər töküb əl qabarı ilə çörək qazananların, bizim kimi yoxsulların nicat ulduzudur. Bir vaxt olar, beşguşəli ulduzun nuru sayəsində cəmi zəhmətkeşlər və fəqir-füqəra xoşbəxt və rahat yaşar. Şərəf. O günü görüb, ölsəydim, dərdim olmazdı. S a lma n. Görərsən, ana, tezliklə görərsən! Pərdə * * * İkinci şəkil Hacı Bayramın evinin qabağı. Hacı Bayram çarpayı üzərində döşəkcə üstündə əy- ləşmiş, yanında Molla Vəli. Qarşısında Salman və Mahmud ayaq üstündə durmuşlar. Molla Vəli, dizinin üstündə kağız, əlində qələm, ayağının altında qələmdan müntəzir əyləşmiş. Hacı Bayram (mollaya). Axund, necə ki deyirəm, elə də yazarsan. Molla Vəli. Bəli, buyur. (Hacı dedikcə yazır.) Hacı Bayram. Mən bu oğlanı, Salman İsrafil oğlunu bir ilin müddətinə nökər tuturam. Hər bir işə göndərməli olsam, boyun qaçırmamalıdır, haqqı ildə altmış manat nəqd pul, bir dəst paltar, bir cüt çarıq, yedikcə çörək. Yazdın, qurtardın? Molla Vəli. Bəli, qurtardım. Hacı Bayram. Mənim əvəzimdən qol qoy. Molla Vəli. Baş üstə. (Kağızı yazıb, verir Hacı Bayrama.) Buyur. Hacı Bayram (kağızı molladan alıb verir Salmana). Al, bu sənin sənədin, qoy cibinə, ya apar ver atan saxlasın. Salman. Hacı, bu kağız nahaqdır, sənin sözün mənə sənəddir. Hacı Bayram. Yox, oğul. İş möhkəm yaxşıdır. (Salman kağızı alıb qoltuq cibinə qoyur.) Axund, sən də buna bir nəsihət elə. Molla Vəli. Bilirsən nə var, oğul? Bu gündən sən, Hacı Bayramın itaətinə keçirsən. Hacının çörəyini yeyəcəksən, ona gərək düz və doğru qulluq edib, işinə haram qatmayasan. Əvvəla, qiyamətdə peyğəmbərin hüzurunda şərmisar olarsan, ikincisi, bu dünyada yediyin çörək gözünə durar. S a lm a n. Əlbəttə, molla dayı, hər adam boynuna götürdüyü işi gərək doğru və dürüstlüklə aparsın. Molla Vəli. Barakallah, oğlum. Yaxşı danışdın. Hacı Bayram. Molla, bu oğlanı mən çoxdan xoşlamışdım. Sirsifətindən kamallı oğlana oxşayırdı. İndi görürəm ki, səhv düşməmişəm. (Salmana) Doğruluqla qulluq elərsən, haqqını artıraram, xələt verərəm, qulluğunu artıraram. Bunu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm sizə bir qədər çörək verim. Sən də o çörəyin qədrini bilməlisən. Bunu da sənə deyirəm, qulağında yaxşı saxla. O avara müəllim Mirzə Həsəndən və onun kimi cibləri boş, ağızlarını Allah yoluna qoyub axmaq-axmaq danışanlardan uzaq ol. Onlardan adama ziyandan savayı bir şey dəyməz. Eşitdinmi? S a lma n. Bəli, eşitdim. Hacı Bayram. Mollanın nəsihəti qulağında qalsın. Salman. Baş üstə. Hacı Bayram. İndi səni tapşırıram bu Mahmuda. Sənin işini sənə bu göstərəcəkdir. (Mollaya) Di, axund, buyur gedək içəri, bir az çörək yeyək. Molla Vəli. Ya Allah. (Qalxıb hacı ilə gedir.) Mahmud bir qədər hacı ilə gedir. Hacı mollanı içəriyə buraxıb, dönüb Mahmudla bir qədər ahəstə danışır. Mahmud (qayıdır, Salmana). Ay gədə, Koroğlu! Sən indiyədək nökərçiliyin nə olduğunu bilməyibsən. Əllərinin qabığı nazikdir. İndiyədək atanı kor eləyən Allaha şükür eləyib, xalqın müftə çörəyindən yeyibsən. Mən sənə nökərçiliyin nə olduğunu anladım ki, sən də öz işini biləsən. Bax, burada səni işlədəcəklər, onu bil ki, tənbəl işləsən səndən qat-qat qabıq soyacaqlar. Adama altmış manatı müftə yerə verməzlər. Bu, dilənib qazanmaq deyil. Buna zəhmət haqqı deyərlər. Bu sözləri də qulaqlarında möhkəm saxla. (Çağırır.) Ay gədə, Rəhim! (Rəncbər Rəhim gəlir.) Bu Koroğlunu özünlə götür. Gedin hacının bağının ayağındakı qurumuş ərik ağacını yıxın yerə, balta ilə doğrayın, kötüyündən hər biriniz bir şələ odun qayırın, götürün gəlin. Rəhim. Mahmud dayı, axı acıq, bir tikə çörək yeyək gedək. Mahmud. Ay səni acından öləsən! Get Pərinisəyə de, bir çörək versin, aparın bağda ikiniz yeyin. Axşama da bişmişiniz olacaq. Zalım oğlunun yeməkdən savayı ayrı fikri yoxdur. (Gedir.) Rəhim (Salmana). Gəl, ay yazıq, özünü yaxşı tələyə salıbsan. Gedək Pərnisədən çörək alaq, düşək yola. Salman. Pərinisə kimdir. Rəhim. Pərinisə Mahmudun arvadının adıdır. Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Verdikləri çörəyin yarısı arpa olacaq, yarısı buğda, adamın boğazında ilişib qalacaq. Axşam da ki deyir, bişmiş olacaq, o da nehrədən çıxmış ayranın dovğası. Yeyib bir saatdan sonra yenə acacaqsan. Beləliklə işlə görüm, necə işləyəcəksən. Dördcə ay, artıq demirəm, bunun yanında davam gətirə bilsən, sənə Rüstəm pəhləvan deyərəm. Ya şikəst olacaqsan, ya xəstə olub ömrünün axırınadək bir böyrün üstə yatacaqsan. Salman. İşləyə bilmərəm, çıxıb gedərəm. Rəhim. Gedərsən, haqqın əlindən çıxar, zəhmətin də özünə qalar. Salman. Necə? Aybaay haqq verməyəcək? Rəhim. Ay bədbəxt, yazıq! Məvacib nədir? Səni bir il tamam işlədəcək, axırda da haqqının çoxunu balta sınığına, kəndir qırılmasına çıxıb, əlinə çöplə çəyirdək verəcək. Salman. A kişi, nə yaman adam imiş bu! Rəhim. Yainki vədən yavuqlaşanda üstünə bir oğurluq yıxıb, heç bir şahı da verməyəcək. Bəlkə özünü də bir az borclu çıxardacaq. Salman. Eybi yoxdur, bir neçə gün davam etmək olar. Rəhim. Nə dedin? Salman. Deyirəm yaxşı dolaşmışam. Rəhim. Hələ nə var ki! Ləzzətini sonra görəcəksən. Salman. İndi görürsənmi ki, Hacı Bayram bu dövləti nə yolla qazanıb? Rəhim. Kor ki deyiləm, əlbəttə görürəm. Onun dövlətinin hamısı bizim kimi fəqir-füqəranın qanıdır. Onun bu gördüyün evinin palçığı bizim qanımızla yoğrulub. S a lma n. Belə adamlara təzə dildə kulak deyirlər. Rəhim. Necə təzə dil? S a lma n. Mirzə Həsən belə deyir. Rəhim. Mirzə Həsən yaxşı oğlandır. Budur bir neçə ildir ki, onu buraya müəllim göndəriblər. Həmişə fəqir-füqəranın mənfəətinə çalışır. Salman. Rəhim, budur neçə aydır, mən axşamlar gedib Mirzə Həsəndən dərs alıram. Yaxşı yazıb-oxumaq öyrənmişəm. Onu İndiyədək atam da bilmirdi. Onu bil ki, bu günlərdə Azərbaycana təzə hökumət gələcək. Təzə qayda-qanun qoyacaq. Iş başında bundan sonra işçilər, kəndlilər olacaq. Bəylərin, xanların, kulakların yerlərini, mülklərini alıb camaata verəcəklər. Rəhim. Onu İndi hər yerdə danışırlar. Təzə hökumətin gəlməyini də camaat gecə-gündüz gözləyir. Odur ki, pristav da bir neçə gündür məlum deyil haraya gedib. Yüzbaşı da qaçıb gizlənibdir. Salman. Doğrudan da neçə gündür bizim yüzbaşı yoxdur. Deyirlər şəhərə gediblər. Rəhim. S a l m a n, Mirzə Həsənin yanına getsəm, mənə dərs verərmi? Salman. Niyə vermir. Rəhim. Onda gedəndə məni də apar. S a lma n. Çox yaxşı, apararam. Bu axşam gəl səni bir yerə aparım, orada bizim hər axşam yığıncağımız olur. Danışılan söhbətlərə sən də bir qulaq ver. Rəhim. Nə yığıncaqdır? S a lma n. Gedərsən, görərsən. Rəhim. Baş üstə, oynaya-oynaya gedərəm. Gəl gedək görək Mahmudun arvadı nə zəhrimar verəcək. Sənin üçün də oradan balta, çatı götürək. Gedirlər. Hacı Bayram (molla ilə içəridən çıxırlar). Axund, doğrudan, camaat arasında belə söz var. Molla Vəli. Mən sənə xəlvət deyirəm, bir adam bilməsin. Camaatın qulağını doldurublar, deyirlər təzə hökumət gəlir, Şura hökuməti. Müsavat vəzirləri hamısı qaçmağa yer axtarırlar. Pristavları, naçalnikləri tutub Dustaq eləyəcəklər. Mülkədarların evlərini, mülklərini əllərindən alıb camaata verəcəklər. Bunu bu saat hamı danışır. Hacı Bayram. Belə iş ola bilməz. Necə ola bilər ki, mənim zəhmət çəkib qazandığım, ya ata-babadan qalmış mülkümü əlimdən alıb versinlər kəndin ac-giclərinə? Molla Vəli. Danışılana görə, guya təzə hökumət deyir ki, bəylərin və hampaların dövləti kasıb və füqəranın zəhmətindən toplaşıb. Ona görə onlar əmlakını fəqir-füqəradan oğurlamış kimi olublar və bu oğurladıqları malı öz sahiblərinə, yəni füqəra və kasıblara qaytarmalıdırlar. Xülasə, hacı, sən də sərvaxt ol. Hacı Bayram. Mənə nə var? Mən pul verib, fəhlə tutub işlədib, özüm üçün güzəran qayırmışam. Bəy deyiləm, rəiyyətim yox, kəndkəsəyim yox. Beş-on baş mal-qoyunum var. Təzə hökumətin mənimlə heç bir işi ola bilməz. İndiyədək naloğu rus padşahına, müsavat hökumətinə vermişəm, İndi də təzə hökumətə verərəm. Bunlar hamısı o müəllim Mirzə Həsənin qondarmalarıdır. Molla Vəli. Mən sənin çörəyini yemişəm və səni xəbərdar eləməyi də özümə borc bilirəm. Hacı Bayram. Sağ ol, Allah atana rəhmət eləsin. Yaxşı olar ki, camaata da bir məsləhət eləyəsən, belə sözlərə inanmasınlar. Nə qədər olsa mollasan, sənin sözlərin camaatın qulağına batar. Molla Vəli. Mən bacardığım nəsihəti eləyirəm. Mahmud (hövlnak daxil olur). Hacı, İndicə kəndə bir atlı gəldi. Deyir, Qaraqullar kəndinin camaatı əli ağaclı, kürəkli tökülüb Rüstəm bəyin evini darmadağın dağıtdılar. Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Hacı Bayram (qorxmuş). A kişi, nə danışırsan? Amandır, deginən bu saat mənim atımı yəhərləsinlər, gedim görüm bu nə işdir. Mənim evim yıxılır. Bir həftə olmaz, gəlib məndən dörd yüz qızıl onluq borc alıb apardı. Amandır, Mahmud, tez ol, özün də atlan. Mahmud. Bu saat. (Yüyürür.) Hacı Bayram. Vay namərd! Deyilənlər doğruya oxşayır, evim yıxıldı. Güldəstə (içəridən hövlnak çıxır). Ata, haraya gedirsən? Hacı Bayram. Nə borcundur haraya gedirəm? Çəkil get içəri. Güldəstə. Ata, mən danışığının hamısını eşitdim. Getmə, səni öldürərlər. Hacı Bayram. Sarsağın qızı, məni kim öldürəcək?! Mən elə onda ölmüşəm ki, dörd min manat sarı qızıl pullarım əlimdən çıxır. Mahmud. Hacı, atlar hazırdır. Güldəstə. Getmə, ata, pul səni qazanmayır ki, sən pulu qazanırsan. Hacı Bayram. Çəkil cəhənnəmə, axmağın qızı. (Qızını itələyib Mahmudla gedir.) Pərdə * * * Üçüncü şəkil Həmin həyət. Güldəstə çarpayının üstündə məyus əyləşmiş, o yan-bu yana baxır. Salman və Rəhim, dallarında odun şələləri, daxil olurlar. Rəhim. A hacı qızı, niyə bikef oturubsan? Güldəstə. Nə eləyim, atamdan nigaranam. Rəhim. Biz gedəndə atan evdə idi. Necə oldu? Güldəstə. M a h m u d gəldi, xəbər gətirdi ki, Qaraqullar kəndinin camaatı bəyin evini tökülüb dağıdırlar. Rüstəm bəy də nökərləri ilə mehtərliyə girib rəiyyəti ilə atışır. Atam eşitcək atını minib çapdı. Qorxuram atamı öldürərlər. Rəhim. Qorxma, heç zad olmaz. Atan tək getdi? Güldəstə. Yox, M a h m u d da onunla getdi. Salman. R ə h i m qardaş, deyəsən Bakıda təzə hökumət dikəlib. Müsavat yıxıldı. Biz bunu bir həftə bundan sonra gözləyirdik. Çox tez oldu. Yaşasın yoldaşlar. Rəhim. Necə yoldaşlar? Salman. Şura hökumətində böyük-kiçik yoxdur, hamı yoldaşdır. Bundan sonra mən də sənə yoldaş Rəhim deyəcəyəm. Rəhim. Mən də sənə yoldaş Salman. Salman. Yox, Mahmud mənə ad qoydu: Koroğlu. O mənim atamın korluğuna sataşdı. Amma ad mənim çox xoşuma gəldi. Rəhim. Yaxşı, yoldaş Koroğlu. Güldəstə. Ay Rəhim, nə söyləyirsiniz, təzə dil danışırsınız? Rəhim. Təzə dildir. Bir azdan sonra sən də öyrənərsən. Buraya bax, ay Güldəstə, axı sən bir yaxşı qızsan. Sən atanın canı, bir az bizə atan yeyən çörəkdən gətir yeyək, acından ölürük. Mən yenə öyrənmiş canam, bu yazıq Koroğlunun işi lap xarabdır. Mahmud verdiyi arpalı çörək ilişib boğazında qalır. Güldəstə. Yaxşı, bu saat gedim gətirim. Rəhim. Səni görüm boya-başa çıxasan, çörəyin üstünə bir az yavanlıq da qoy. Güldəstə. Yaxşı. Nəmi bağlı olmasa yavanlıq da gətirərəm. (Gedir.) Rəhim. Bilirsənmi, yoldaş Koroğlu, bu necə yaxşı qızdır! Heç atasına oxşamayıb. Bu olmasa biz burada acından qırılarıq. Məlun oğlu məlun Hacı Bayram bizə arpalı çörəklə ayran dovğasından başqa bir şey vermir. Hacı Bayramdan bədtər də onun sağ əli Mahmuddur. Ağanın malı gedir, muzdurun canı. Bizə, düşəndə, bir qırıq ət veriləndə gözü çıxır. Güldəstə (içəridən çıxır). Ala, yeyin, bu çörək, bu da yağ-şor. Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir. Rəhim. Ver buraya. Bəxtimiz kəsib. Al, Koroğlu, Güldəstənin dövlətindən doyunca yeyək. Güldəstə (Salmana). Sənin adın Koroğludur? Salman. Yox, Salmandır. Mahmud dayı mənim adımı Koroğlu qoydu. Mən, kor İsrafil kişinin oğluyam. Amma bu ad mənim xoşuma gəldi. Istəyirəm elə bundan sonra hamı mənə Koroğlu desin. Güldəstə. Mən də Koroğlu deyim? S a lma n. Elə hamı desin. Güldəstə. Yaxşı. (Gedir.) Rəhim (Salmana). Di gəl otur çörək yeyək. Çarpayının üstündə qabaqqarşı əyləşib çörək yeyirlər. Sal ma n. Ye, yoldaş, öz malın kimi ye. Rəhim. Əlbəttə, öz malımdır. Sal ma n. Ay Rəhim, belim belə pis ağrıyır ki. Rəhim. Odun şələsindən belinə ağırlıq düşüb. Sal ma n. Ziyanı yoxdur. Bu gün mənim belim ağrıyar, sabah da başqalarının. Yaşasın Şura hökuməti! Rəhim. Yaşasın Şura hökuməti! Sal ma n. Rəhim, sevindiyimdən çörək yeyə bilmirəm. Gəl bir öpüşək. Rəhim. Gəl! Öpüşürlər. Molla Vəli (müztərib halda daxil olur). Rəhim, Hacı Bayram evdədir? Rəhim. Hacı Qaraqullara getdi. Molla Vəli. M a h m u d haradadır? Rəhim. O da onunla getdi. Molla əmi, buyur çörək yeyək. Molla Vəli. Rəhmətlik uşağı, çörək nədir?! Mollanın yadından çörək də çıxıb, su da çıxıb. Qaraqullardan gələn atlı nə danışıbsa, kəndin camaatı bir-birinə qarışıb, budur, hamısı buraya gəlir. Camaat cavan, qoca yavaş-yavaş səhnəyə gəlirlər. Birincikəndli (əllərini ölçərək və o yan-bu yana baxaraq). Qardaşlar, kişilər doğru danışırlar. Nə səbəbə biz işləyək, bəylər, xanlar, hacılar yeyib kökəlsinlər? Onlar da bizim kimi adam deyillərmi? İşləsinlər, əllərinin əməyini yesinlər. Nə deyirsiniz, qardaşlar? Birneçəsəs. Doğrudur, doğrudur, belədir ki var. Molla Vəli. Camaat, bir qədər sakit olun. (Hamı sakit olur.) O Qaraqullardan gələn oğlan buradadırmı? Oğlan (yeriyir irəli). Bəli, buradayam. Molla Vəli. Söylə görək bu nə xəbərdir gətiribsən? Oğlan. Bizim kəndlilərdən birisi neçə il idi getmişdi Bakıya. Orada neft mədənlərində işləyirdi. O, bu səhər Bakıdan gəlib xəbər gətirdi ki, Bakıda təzə hökumət quruldu. Deyir: pristavları, qalabəyini, qubernatı – hamısını tutub Dustaq elədilər. Varlıların, tacirlərin, mülk sahiblərinin var-yoxlarını siyahıya vurub əllərindən alıblar. Camaata, fəqir-füqəraya, işçilərə paylaşdıracaqlar. Bu xəbəri eşidən tək camaat töküldü Rüstəm bəyin evinin üstünə. Dedilər, bəyin hər nə maldövləti var əlindən alıb camaata paylaşdıracağıq. Bəy də mehtərliyə girib onlarla atışır. Məni buraya göndərib dedi, get, Hacı Bayrama xəbər ver, başının çarəsini qılsın, bir belə gün də onun var. Birincikəndli. Belədir ki var. Hacı Bayram İndiyədək bu camaatın qanını soyubdur. Bu dörd oymaqda bir nəfər varmı ki, ona borclu olmasın? Nə qədər pul verirlər müamiləsinin altından çıxa bilmirlər. Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var. Hamısı gərək cəzalarına çatsınlar. İkincikəndli. Məsələn, Hacı Novruz. Üçüncükəndli. Xədicə oğlu Məşədi Əhməd. Dördüncükəndli. Cəbrayıl oğlu Kərbəlayı Allahverdi. Molla Vəli. Camaat, bir sakit olun. (Hamı sakit olur.) Siz Allah, peyğəmbərə, şəriətə inanırsınız, ya yox? Xudavəndi-aləm göydən Quran göndərib və onun peyğəmbərləri də bizə şəriət qoyub gediblər. Bizim hamımızın başı o şəriətə bağlıdır. Hər şəxsin ruzisini Allah özü verir. Bəzi şəxslərə xudavəndi-aləm məsləhət bilib çox ruzi verir, bəzilərinə az. Bu hamısı onun öz qüdrət əlindədir. Özgənin malına qəsd edən cəhənnəmin odunu bu dünyada özü üçün satın alır. Hacı Bayramın da, Hacı Novruzun da və o birilərinin də dövləti Allah tərəfindən verilmiş və onlara qəsd edənlər kafirlərlə bir yerdə qiyamətə gedəcəklər. Bakıdan gələn oğlanın söylədiyi yalandır, belə yalanlara inanıb, dininizi, imanınızı əldən verməyin. Birincikəndli (yanındakına). Gör necə ağzından od tökür! Görünür cibinə ziyandır. İkincikəndli. Əlbəttə, cibinə ziyandır. Onun göbəyinin piyi hacıların plovundan deyilmi? Molla Vəli (Qaraqullardan gələnə). Oğlan, o Bakıdan gələn, təzə hökumətdən daha nə söyləyir? Bu yenə padşah hökumətidir, ya başqa bir şeydir? Oğlan. Xeyr, axund, bu hökumətə Şura hökuməti deyirlər. (Camaat arasında səslər: Şura hökuməti, Şura hökuməti!) Bu hökumətin qoşunu da, nun sözünə görə, padşah qoşununa bənzəmir. Deyir: saldatlar böyüklərinə və böyüklər saldatlara yoldaş deyirlər. Deyir: bu saat Bakıda hamı bir-birinə yoldaş deyir. Saldatların başlarında şapka yoxdur, papaqları əzgil çeşnisindədir və alınlarında da beşguşəli ulduz var. Molla Vəli. Sədəqə ya rəsulallah, sədəqə ya rəsulallah! Həzərat, hədisdə buyururlar ki, bir zaman gələcək, camaat dindən, imandan, ruhanilərdən uzaqlaşacaq. O zaman dəccal zühur edəcək və xalq dini, imanı unudub onun dalınca gedəcək. Yazırlar ki, dəccalın qoşunlarının alınlarında bircə gözləri olacaq. Bu haman beşguşəli ulduzdur ki, buyurublar və illahi insan bir gözlü olmaz. Amandır, camaat, dini, məzhəbi, imanı unudub bu dəccal qoşunun dalına düşməyin. Sonra peşmanlıq yerini almaz. Camaatarasındasəs. Mirzə Həsən gəlir! Mirzə Həsən gəlir! Görək bu işə o nə deyəcək. Mirzə Həsən (daxil olub, çıxır çarpayının üstünə). Camaat! Bakıdan işçi-kəndli hökumətinin qurulmasının xəbəri bu gün buraya da çatdı. Mən eşitdim ki, siz Qaraqullar xalqı kimi ağlınızı uduzub, buradakı varlıların evlərini, mallarını talan eləmək istəyirsiniz. Qaraqullar böyük səhv eləyiblər, onlar öz əlləri ilə öz mallarını dağıdırlar. Doğrudur, təzə hökumətin qanuna görə varlıların əllərindəki dövlət, mal gərək camaata verilsin, amma bu da qol zoru ilə, gücnən, güclükdə olmaz, qanun üzrə olar. Zorla ev dağıtmağı, mal dağıtmağa heç bir hökumət qəbul etməz, xüsusən, Şura hökuməti. Gedin, sakit əyləşin evlərinizdə. Bu günlərdə hökumət tərəfindən adamlar gəlib, necə ki lazımdır tədbirlər edərlər və qanun üzrə də varlıların əllərindəki maləmlakı camaat ixtiyarına verərlər. Birincikəndli. Sağ olsun Mirzə Həsən! Ağıllı söz deyir. Camaat, dağılın gedək evlərimizə. Mirzə Həsən. Ancaq gözətçi qoymalısınız ki, Hacı Bayram və o biri hampalar kənara mal qaçırmasınlar. Burada bir neçə adam təyin etməlisiniz. Birincikəndli. Biz sənə inanırıq, hər kəsi sən təyin etsən, biz razıyıq. Mirzə Həsən. Çox yaxşı. Biri Səfi, biri Səfər oğlu Cabbar, biri Dünyamalı, biri Şeyxalı, biri Rəhim, biri də İsrafil oğlu Salman, hamınızdan yoxsul Salman olduğundan, onu seçilənlərə başçı təyin eləyirəm. Səslər. Razıyıq, razıyıq! Rəhim. Mirzə Həsən, burada Salmanın adını dəyişib Koroğlu qoyublar. Salman. Mənə bundan sonra hamı Koroğlu desin Mirzə Həsən. Yaxşı, sənin adın oldu Koroğlu. Ümidvaram ki, Şura hökumətinin yolunda Koroğlu kimi hünər göstərəcəksən. Salman. Mən Şura hökumətinin yolunda hər dəqiqə ölməyə hazıram. Birincikəndli. Ay sağ ol, Koroğlu! Mirzə Həsən. Di dağılın, gedin evlərinizə. Seçilən adamlar da işlərində olsunlar. Salman (Mirzə Həsənə). Mirzə, camaata bir sözüm var. Mirzə Həsən. Çıx buraya, mənim yanıma. Bu sənin birinci çıxışın olsun. Salman (çıxır çarpayının üstünə). Camaat! Sizin aranızda Molla Vəli kimi ara qarışdİranlar var. Hampaların uşaqları, həmçinin oğru, dələduzlar var ki, ara qarışdırıb, ciblərini doldurmağa çalışacaqlar. Ona görə kəndin sakitliyini gərək kəndin cavanları öhdələrinə götürsünlər. Bircavanoğlan. Mən hamı kənd cavanları tərəfindən söz verirəm ki, kənddə necə ki lazımdır, rahat və farağatlıq gözləniləcək. Salman. Sağ ol, yoldaş. Əlavə, hampaların nökərləri, rəncbərləri, çobanları, naxırçıları və bağbanları bilsinlər ki, onlar hamısı zəhmətkeşlər balalarıdırlar və qoruduqları mal, dövlət camaatın malıdır. Gərək bir qoyunun, bir quzunun, bir qaramalın tələf olmasına yol verməsinlər. Səslər. Sağ ol, Koroğlu, sağ ol! Salman. Di gedin evinizə, rahat oturun. Seçilənlər qalsın burada, danışıb məsləhətləşək. Mirzə Həsən də bizimlə qalsın. Mirzə Həsən. Xub, qalaram. Camaat dağılır. Molla Vəli (dalca, əllərini yuxarı qovzamış gedir). Xudaya, pərvərdigara, dindən, imandan uzaqlaşmış bəndələrini özün haqq yola dəlalət elə. Pərdə * * * Dördüncü şəkil Molla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və kəndin sair hampa və ağsaqqalları. Hacı Novruz (mollaya). A Molla Vəli, sən, nə qədər olsa, dünya görmüş bir adamsan. Təbriz, Tehran kimi böyük şəhərlər görübsən. Neçə il Kərbəlada dərs oxuyubsan. Allahın elmindən xəbərin var. Bircə söylə görək, bu gələn hökumət necə hökumətdir? Haradan gəlib? Necə zakonlar gətiribdir? Molla Vəli. Qabaqca bir Hacı Bayram danışsın görək Qaraqullarda nə görüb, nə eşidib. Sonra mən də öz sözümü deyərəm. Səslər. Hacı Bayram, söylə görək. Hacı Bayram. Camaat, mən gördüyümü heç kafir bəndə görməsin. Getdim gördüm yazıq Rüstəm bəyin evini camaat dörd tərəfdən bürüyüb. Qapısında nə qədər atı, malı var idi, qovub aparıblar. Qoyunların sürüsü ilə düzdən yox olub. Bəy özü bir neçə nökərlə evə girib, atışırlar. Mən daha yavuğa gedə bilmədim. Atı döndərdim Hacı Murtuzanın evinə. Gördüm kişinin rəngi qaçıb, bədəni titrəyir. Məni görəndə rəngi üzünə gəldi. Xəbər aldım: ay hacı, bu nə işdir? Dedi: nə danışım? Onu bilirəm ki, bir belə gün də mənim və sənin üçün var. Hacı Novruz. Pərvərdigara, yaratdığın bəndələrin fikrini özün çək. Məşədi Əhməd. Xalq Allahdan üz döndərib, namaz qılmaz, oruc tutmaz, Allah da göydən bəla göndərər. Molla Vəli. Qoyun kişi sözünü qurtarsın. Hacı Bayram, söylə görək axırı necə oldu? Hacı Bayram. Atışma neçə saat gedəndən sonra birdən kəsildi. Biz dedik ki, yəqin Rüstəm bəyi də öldürürdülər, külfətini də qırdılar. Sonra xəbər gəldi ki, qəflətən camaat hücumu dayandırıb, hər kəs evinə çəkildi. Səbəbini soruşdum, dedilər: sizin müəllim Mirzə Həsənin sifarişinə görə camaat atəşi dayandırdı. Ancaq kəndin neçə cavanları Rüstəm bəyin evinin ətrafında qarovulda durublar və mal-qoyunu da toplayıb beş nəfər füqəradan seçilmə vəkillərə tapşırıblar. Hacı Novruz. Yaxşı, Mirzə Həsən qotur müəllimin biri, cibində bir qəpik pulu yox, nə böyük şey olubdur ki, camaat öz ağsaqqallarını qoyub, onun ağzına baxırlar? Molla Vəli. İndi əyyam belədir. Daha ağsaqqallara qulaq verən yoxdur. Hacı Novruz. Vaxta ki bir Mirzə Həsənin sözü ilə camaat haqqımızda bildiyini eləyəcək, daha biz nə durub baxırıq? Vaxt ikən başımızın çarəsini qılaq. Məşədi Əhməd. Başımızın çarəsi, baş götürüb bu vilayətdən qaçmaqdır. Hacı Novruz. Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotu-bambılıları, ac-gicikləri aradan götürməkdir. Cib boş, qarın boş, baş boş. Bilmirəm o nə atılıb-düşür. Məşədi Əhməd. Onu mən öhdəmə alıram. Hacı Novruz (mollaya). Axund, bu işə sən nə deyirsən? Molla Vəli. Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Onu öldürən müsəlmana behişt vacibdir. Hacı Novruz. Molla Vəli, bir de görək, bu hökumət haqqında kitabda, Quranda bir xəbər varmı? Molla Vəli. Bəli, var. Mən dünən yığıncaqda da dedim, yenə təkrar eləyə bilərəm. Bu gələnlər, bizə hədisdə xəbər verilən dəccalın qoşunudur. Onun dalınca gedənlər bidin və biimanlardır. Bunların fikri sərvətdarların əmlakını, pulunu və malını əllərindən alıb füqəraya verməkdir, çünki xalqın əksəri kasıbdır, çox adamlar müftə dövlətə susayıb cəm olacaqlar. Bizim borcumuz bunların dəfi üçün hər yolla çalışmaqdır. Kərbəlayı Allahverdi. Camaat gərək silahlanıb bu kafir qoşununun qarşısına çıxsın. Molla Vəli. Əlbəttə lazımdır. Burada cahad vacib gəlir. Belə müharibədə ölənlər hamısı şəhid zümrəsində olacaqlar. Hacı Novruz. Bu yolda hamı gərək malından-canından keçsin. Məşədi Əhməd. Heç kəs boyun qaçırmaz. Səslər. Hamımız bacardığımız qədər bu yolda pul qoymağa hazırıq. Kərbəlayı Allahverdi. Cavanlara etibar yoxdur. Onların hamısı MirzəHəsə nin özü ilə durub-otururlar. Hacı Novruz. Cavanlar hamısı axmaq deyillər. Mən özüm iki oğlumla boynuma kəfən salıb gedərəm. Molla Vəli. Mən moizə elərəm, nəsihət elərəm. Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar. Məşədi Əhməd. Kərbəlayı Allahverdi doğru söz deyir, cavanlara bel bağlamaq çətİndir. Onlar bizim kimi ağsaqqalları, axund kimi alimləri buraxıb gedib Mirzə Həsən kimi boşboğazların sözünə baxacaqlar. Molla (Məşədi Əhmədə). Mirzə Həsənin haqqında fikir çəkməyi İndi özün öhdənə aldın. Məşədi Əhməd. Almışam, sözümün də üstündə duracağam. Mo lla Və livəqalanları. Çox gözəl, çox gözəl! Hacı Novruz. Sabahdan camaatın arasına adam salıb, qüvvət hazır eləməlidir. Söz lazım olan yerdə söz, pul lazım olan yerdə gərək pul müzayiqə olunmasın. Məşədi Əhməd. Hacı Bayram, sən niyə bir söz demirsən? Hacı Bayram. Siz öz işinizdə olun, mən danışacağım vaxtı bilirəm. Molla Vəli. Camaatı başa salmalısınız ki, təzə hökumətin qərarına görə, bizim arvadlarımız hamısı rus arvadları kimi başlarını açsınlar. Qızlar oğlanlarla gedib məktəblərdə dərs oxusunlar. Kərbəlayı Allahverdi. Bu biabırçılığı kimin namusu qəbul edə bilər? Səslər. Hamımız qırılmağa hazırıq. Molla Vəli. Xudavəndi-aləmdən sizin bu gözəl iqdamatınıza tofiq istəyirəm. Amin ya rəbbülaləmin. Pərdə * * * Beşinci şəkil Kənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş. Birincikəndli (yanındakına). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun. Səfiqulu. Bunu, deyirlər, lap içəridən göndəriblər ki, camaata təzə hökumətin zakonunu öyrətsin. Birincikəndli. Keçmişdə kəndə pristav gələrdi, naçalnik gələrdi, heç divanxanaya bayraq vurmazdılar. Səfiqulu. Odur Koroğlu keçir. Bir onu buraya çağır. O çox içəriyə girib-çıxır. O, bizə dürüst xəbər verər. Birincikəndli. Ay Koroğlu, bir bəri gəl, sözüm var. Koroğlu (gəlir). Nə deyirsən? Birincikəndli. Bircə de görüm bu gələn adam kİmdir ki, onun gəlməyinə görə buraları belə bəzəyibsiniz? Bizi buraya nə üçün çağırıbsınız? Koroğlu. Bu yoldaş Bakıdan gəlibdir ki, təzə hökumətin qanununu camaata bildirsin və əlavə kənd şurası və idarəsi haqqında lazım olan qanunları camaata öyrətsin. Səfiqulu (Koroğluya). Yavaş görüm, o necə yoldaşdır, kimin yoldaşıdır? Koroğlu (gülür). Mənim, sənin, onun, hamının yoldaşı. Təzə hökumətin nəzərində böyük, kiçik yoxdur, hamı yoldaşdır. Tələsirəm, işim var, indi yoldaş çıxar, hər bir iş aydınlaşar. (Gedir.) Birincikəndli. Səfiqulu, bir şey başa düşdün? Səfiqulu. Heç bir şey başa düşmədim. H ökumətdə, görmüşük, biri ağa olar, biri nökər, biri bəy, xan, ya padşah olar, qalanı rəiyyət. Yoldaş nədir? Hökumət adamından da yoldaş olarmı? Heç zad başa düşmürəm. Birincikəndli. Dayan, axırını gözləyək. İdarənin qapısı açılır. Içəridən neçə nəfər həyətə çıxırlar. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər. Koroğlu (ayağa durub, əl çalır). Yoldaşlar! (Hamı sakit olur.) Bu gün təzə hökumətimizin, Şura hökumətinin vəkilləri bizim kəndə təşrif gətiriblər. Onların, bizim İndiyədək bəylər, xanlar, dövlətli hacılar ayaqları altında tapdalanan kəndimizə gəlməklərini ürəkdən alqışlayıb deyirik: yaşasın Şura hökuməti! (Xalq əl çalır. Yoldaşlar qalxıb baş əyirlər.) İndi söz verilir yoldaş Cavadova. Birincikəndli. Eşitdin? Cavadov! Mən dedim, yəqin təzə hökumət buraya öz yaranalarından birini göndərib. Bu ki heç hökumət adamına oxşamır, özü də müsəlman. Cavadov. Yoldaşlar! Səfiqulu (birinci kəndliyə). Danışma, görək nə deyir. Cavadov. Yoldaşlar! Üç il bundan qabaq Rusiyanın işçi və kəndliləri yüz illərlə onları əsarət zəncirində saxlayan çar hökumətini yıxdılar. Bir il ondan sonra Azərbaycanda müsavat hökuməti quruldu. Siz hamınız milli hökumətin gəlməyinə şad olub bayram etdiniz. Lakin müsavat hökuməti sizin üçün çar hökumətindən bədtər oldu. O səbəbdən Azərbaycanın işçi və kəndliləri Şura hökumətini köməyə çağırdı. Şura hökuməti onların xahişini qəbul edib, Azərbaycana qoşun göndərdi. Səslər. Yaşasın Şura hökuməti! Yaşasın işçi-kəndli hökuməti! Koroğlu. Dayanın, yoldaşlar, qoyun yoldaş Cavadov sözünü tamam eləsin. Cavadov. Şura hökuməti, yoldaşlar, xalq hökumətidir. Hər şəhərin, hər kəndin əhalisi öz-özünü idarə edəcək. Siz burada etibar etdiyiniz adamlardan vəkillər seçəcəksiniz ki, onların yığıncağına kənd şurası deyəcəklər. Kənd şurası icraiyyə komitəsi seçəcək, yəni neçə nəfər seçib onlara hökumətin qətnamələrinin və qərarlarının yeridilməsini tapşıracaqlar. Beləliklə, kənd öz işlərinin həllini naçalniklərdən, pristavlardan gözləməyəcəklər, işlərini özləri həll edəcəklər. Səslər. Yaşasın belə hökumət! Ura!.. Birincikəndli (Səfiquluya). İndi başa düşdünmü? Səfiqulu. Çox gözəl başa düşdüm. Min pristav və naçalnik bu oğlanın bir tükünə Qurban olsun. Cavadov. Sizin aranızda hampa, qolçomaq kəndlilər var. Onlar da gərək camaat ayağından işləsinlər və Şura hökumətinə sədaqətlə qulluq edəcəklərinə söz versinlər. Bunu da bilsinlər ki, Şura hökuməti xainlərlə amansız rəftar edəcəkdir. Hacı Bayram (camaat arasından ayrılıb, irəli gəlir). Cənab vəkil... Cavadov. Burada cənab-mənab yoxdur. Hamı yoldaş, hamı qardaşdır. Hacı Bayram. Yoldaş vəkil, söylədiyiniz hampaların biri mənəm və məndən savayı da bir neçə nəfər var. Mən hamının tərəfindən vəkil olub deyirəm ki, malımızı, mülkümüzü Şura hökumətinə Qurban verib, canımız çıxanadək hökumətə doğruluqla qulluq eləməyi vəd edirik. Birincikəndli (Səfiquluya). Eşidirsən nə şirin dillər tökür? Cavadov (Hacı Bayrama). Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Siz dövləti həmin kəndlilərin zəhmətindən qazanıbsınız. Hacı Bayram. Bəli, belədir, ağa. Düz buyurursunuz. Cavadov. Ağa demə, yoldaş de. Hacı Bayram. Bağışlayın, yoldaş. Gözümüzü açıb hökumət adamlarına ağa demişik, dilimiz öyrənibdir. Cavadov. İndi də diliniz belə öyrənsin. Mən ürəkdən istəyirəm ki, sənin və yoldaşlarının vədləri sidqi-dildən olsun. Hacı Bayram. Sidqi-dildən! Cavadov. Yoldaşlar! Daha Şura hökumətinin nə olduğunu və nə məqsədlə gəldiyini anladınız? Səslər. Çox gözəl anladıq. Sağ olun. Yaşasın Şura hökuməti! Ura! Ura!.. Birincikəndli (Cavadova). Yoldaş, mən də bir söz deyə bilərəmmi? Cavadov. Çox yaxşı deyərsən. Birincikəndli. Camaat! Yoldaşlar! Bizim indiyədək qazandıqlarımızın hamısı Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd ağa kimi adamların ciblərinə dolubdur. Bu kənddə və ətraf kəndlərdə az adam tapılar ki, onlara borclu olmasın. Hacı Bayram, doğrudur, burada söz verdi. Amma mən imanım, mən atamın goru, bu sözlər ürəkdən deyildi. O, malının, dövlətinin fikrindən gecələr yata bilməyəcək. Ona görə də onun sözünün, vədələrinin dürüst olmasını yəqin eləməyincə onları kənd seçkisinə yavuq qoymaq olmaz. İndiyədək camaat onlara baş əyib, indi də onlar camaata baş əysinlər. Səslər. Doğrudur, doğrudur! Cavadov. Bu sizin öz işinizdir. Əlbəttə, etibar eləmədiyiniz adamları camaat işlərinə buraxmazsınız. Yoldaşlar! Şura hökumətinin müvəffəqiyyətlə yeriməsinə vacib səbəblərdən biri də savaddır. Azərbaycanda hər yüz adamdan ancaq ikisinin savadı var, doxsan səkkizi savadsızdır. Şura hökuməti heç vədə bunu qəbul edə bilməz. Gərək məmləkətdə bir nəfər də bisavad kişi və qadın olmasın. Bu saat burada yeddi kəndin bir məktəbi var, o da rus məktəbi. Şura hökuməti hər kənddə məktəb açacaq. Böyük kəndlərdə iki-üç məktəb açıb. Şura hökumətini yaradan və onun başında duran Leninin əmrinə görə bu məktəblərdə şagirdlər öz ana dillərində dərs oxuyacaqlar. Savadsız kor məqamındadır və köhnə hökumətlər camaatı avamlıqda və korluqda saxlayıblar. Şura hökuməti bunu qəbul edə bilməz. Daha, yoldaşlar, mən sözümü qurtardım. Burada mənimlə gələn yoldaşlardan birisi qalıb, yoldaş Koroğlu ilə bir yerdə kənd şurası seçkisini aparacaqlar. Hər bir çətinliyi onlardan xəbər ala bilərsiniz. Daha sağ olun. Yaşasın Azərbaycanın işçi və kəndliləri! Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!.. Məktəb uşaqları əllərində balaca qırmızı bayraqlar, qabaqlarında Mirzə Həsən, səhnəyə daxil olurlar. Mirzə Həsən. Yoldaşlar! Səfiqulu. Baho! Bu da “yoldaşlar” deyir. İndiyədək dinmirdi. Mirzə Həsən. Yoldaşlar! Sizin məktəbdə oxuyan balalarınız Şura hökumətini təbrik etməyə gəlmişlər. Onlar deyirlər ki, biz məktəbə ancaq üç sənə oxuyub çıxandan sonra xalqa bir fayda verə bilmərik. Çünki savadımız az olur. Biz bundan sonra yeddi il və daha çox oxumaq istəyirik. Cavadov. Yoldaş müəllim! Balaları təmin eləyin ki, Şura hökuməti məktəblərdə mükəmməl təlim və savad verməsə, vəzifəsini ifa etməmiş olur. Mirzə Həsən. Bu mənim yəqinİmdir. Biruşaq. Biz məktəb uşaqları vəd edirik ki, yaxşı oxuyaq və bizim əziz atamız Lenin göstərən yolla həmişə düz gedək. Uş aqlarınhamısı. Ura!.. Ura!.. Cavadov (uşağı öpür). Barakallah! Siz Şura hökumətinin gülləri, çiçəkləri və gələcək ümidisiniz. Mirzə Həsən (camaata). Yoldaşlar! Axşamlar məktəbimizdə böyüklər üçün savad dərsi veriləcək. Xahiş edənlər gəlib türkcə oxuya bilərlər. Gərək kənddə bir nəfər də savadsız olmasın. Cavanlardansəs. Gələrik, hamımız gələrik. Koroğlu. Kənd əhalisinin iclası qapandı. Hər kəs evinə gedə bilər. Sabahdan kənd şurası seçkisinə qədəm qoyacağıq. Yaşasın Şura hökuməti! Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!.. Camaat dağılır. Vəkillər içəri gedirlər. Uşaqlar dəstə ilə geri dönürlər. Molla Vəli (Hacı Novruza). İndi gördün ki, mən hər şeydən baxəbərəm? Camaatın noxtasını verəcəklər kor İsrafilin oğlu kimi itqurdun əlinə və arvadlarınızın hamısını da fahişə edəcəklər. Hacı Novruz. Gedək, Allah kərİmdir. Bunlar saydıqları dursun, görək fələk nə sayıbdır. Molla Vəli (əllərini yuxarı qovzayır). Xudaya, pərvərdigara, özün yaratdığın bəndələrini şeytan şərindən mühafizə elə! Pərdə * * * Altinci şəkil Molla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və s. kulaklar. Molla Vəli. Camaat, mən sizə deyəndə ki, bu gələn hökumət dəccal hökumətidir, inanmırdınız. İndi gözlərinizlə görüb, qulaqlarınızla eşidirsiniz. Deyirlər gərək hamı oxusun, qızlar, oğlanlar bir-birinə qarışıb məktəbə getsinlər. Bunun nəticəsini anlayırsınızmı? Bir nəfər namusu olan belə təklifi qəbul edə bilərmi? Hacı Novruz. Axund, and olsun oxuduğun Qurana və atamın goruna, mənim, ayıb olmasın, iki qızım var, ikisinin də başını it qibləsinə kəsərəm, amma oğlanlarla bir yerdə məktəbə göndərmərəm. Kərbəlayı Allahverdi. Kim göndərər ki? Xalq məgər namusdan keçibdir? Molla Vəli. Bunun qarşısında tədbir lazımdır. Kərbəlayı Allahverdi. Ay axund, yenə bu işlərdə hamımızdan çox bilən sənsən. Allahın əmrini, peyğəmbərin şəriətini bilirsən. Necə ki Allah buyurur, elə də bizə yol göstər, biz də o yolla gedək. Molla Vəli. Yol aydındır. Şəriət demir ki, xalq elm öyrənməsin, övladını oxutmasın. Ancaq elm də var, elm də var. Elm Allahın elmidir, islam dininin üsuludur, elm xalqın düz şəkkiyyat və səhviyyatını öyrənməsidir. Yoxsa müəllim Mirzə Həsən öyrədənə elm deməzlər: Yer göyün başına belə dolanır, ayın tutulması yerin gün ilə ayın arasına girməsindəndir. Nə bilim, insan meymundan əmələ gəlib... Belə-belə cəfəngiyatın adını elm qoyublar. Oruc bilməzlər, namaz bilməzlər, təharət tanımazlar. Istəyirlər camaatın balaların da özləri kimi kafir eləsinlər. Hacı Novruz. Heç kəs bunu qəbul eləməz. Məşədi Əhməd. Ay canım, bilmirəm bu məktəb məsələsi nə idi axund saldı ortalığa. Canım, hər kəs öz uşağının sahibidir. Kefi istər uşağını məktəbə göndərər, istəməz göndərməz. Kimin nə ixtiyarı var gəlib mənim uşağımı zorla tutub oxutmağa aparsın? Molla Vəli. Bu gün-sabah onu da eləyəcəklər. Məşədi Əhməd. Heç kəs mənim qapıma da dolana bilməz. Bu işlər asandır. Buna nə deyirsiniz ki, budur bizim var-yoxumuzu hesaba götürüblər, adımızı oğru qoyublar. Deyirlər siz dövləti camaatın zəhmətlərindən qazanıbsınız. Ona görə sizin var-yoxunuz camaatındır, gərək qaytarıb camaata verəsiniz. Mənim gözüm baxa-baxa kor İsrafilin oğlu mənim varyoxuma sahiblik eləsin? Məgər bunu Allah götürər? Hacı Novruz. Xalq mənim üçün müftə, atası ehsanına işləməyibdir. Cığ-cığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Mən nə vaxt camaata yalvarmışam ki, gəlib mənim üçün işləsinlər, mən də pul qazanıb doldurum cibimə? Məşədi Əhməd. Məni yandİran bir şeydir. Əlimlə çörək verdiklərim gəlib mənim bədimə getdilər. Məni çağırıb soruşurlar ki, neçə qoyunun, neçə malın-atın var? Mən də azda-çoxdan hesab verdim. Bu halda, – siz Allah, tamaşa eləyin, danışanda canım od tutub alışır, – bu halda çobanım ortalığa atılıb mənim mal-qaramın hesabını verir. Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. İndi, axund, mal, maya əldən getdi, sən bizə bir dürüst yol göstər. Yox, belə getsə, hamımız acımızdan qırılacağıq. Molla Vəli. Qabaqca acından ölənin biri mən olacağam. Mən camaatla dolanıram. Camaat da, kafirlər aldadandan sonra, kafir olub bilmərrə Allah yolundan dönəcəklər. Uşaqlar gedib Mirzə Həsənin xarabasında bir az şaltay-baltay öyrənib gələcəklər ki, – nəuzöbillah, – Allah yoxdur. Hamısı dindən uzaqlaşacaqlar. Kərbəlayı Allahverdi. A Məşədi Əhməd, Mirzə Həsənin başdan eləməsini boynuna götürmüşdün, bəs necə oldu? İndi belə ağzı odlu danışırsan. Məşədi Əhməd. Neyləyim, nökərlərə ümid oldum, hamısı məndən üz döndərdilər. Mirzə Həsən zalım oğlu da quyruq ələ vermir. Hacı Novruz. İndi, Molla Vəli, nə tədbirin var, elə. Molla Vəli. Yol bircədir. O da xalqı gədə-güdə hökumətinin üzərinə qaldırmaq. Mənim sözdən savayı əlimdən bir şey gəlməz. Mən kəndləri dolanıb, Allahın əmrini camaata yetirərəm. Siz də gərək puldan keçəsiniz. Məşədi Əhməd. Əldə olan pulları camaata borc vermişik. O da hamısı guruldadı getdi. Daha pulu haradan verək? Hacı Novruz. Məşədi Əhməd, sən istəyirsən ki, damdan yıxılasan heç bir yerin ağrımaya. Aclıq dursun qıraqda, biz camaat arasında hörmətdən, etibardan düşmüşük. Gədə-güdə, İndiyədək bizə baş əyənlər, bizə salam da vermirlər. Guya heç bizi tanımırlar. Kərbəlayı Allahverdi. Doğrudur, Hacı Novruz, dünən istədim dəyirmana bircə pud buğda göndərim üyünsün. Adam tapmadım. Gördüm mənim rəncbərim Cəbrayıl gedir. Çağırdım: ay Cəbrayıl, yaxşı oğlan, gəl bu bircə pud buğdanı apar dəyirmanda üyüt, gətir. Deyir: mən sənin atanın hambalı deyiləm. Sən də mənim kimi bir adamsan, boynun da mənim belimdən yoğundur. Al dalına, apar üyüt. A kişi, bu camaat necə üzüdönük olarmış! Hacı Novruz. Elə mənim də dediyim odur. Yüyürən yıxılmağına baxmaz. Bu yerdə pul lazımdır. Doğrudur, molla öz işini görəcək və camaatı da Şura hökumətinin üzünə durğuzacaq. Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Bəylər, mülkədarlar yatmayacaqlar. Ancaq camaata tüfəng lazımdır, patron lazımdır. Bu da pulla olar. Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Olan gedib, qoy yerdə qalan da getsin. Bəlkə ağ günə çıxaq. Hamı. Razıyıq. Hacı Novruz doğru deyir, var-yoxdan çıxmalıyıq. Hacı Novruz. Hacı Bayram, sən niyə danışmırsan? Məgər bizə dəyəndən sənə dəyməyib? Hacı Bayram. Mənə dəyən ziyan heç kəsə dəyməyib, üçcə min elə tək qoyunum gedibdir. Qalanını da hesaba gətirmirəm. Hacı Novruz. Elə biz də onu deyirik. Hacı Bayram. Mən bu yolda bir qəpik verməyəcəyəm. Özüm də əlimi ağdan qaraya vurmayıb, axırını gözləyəcəyəm. Məşədi Əhməd. Nəyin axırını? Hacı Bayram. Şura hökumətinin. Hacı Novruz. Sən, mən əlimizi yanımıza salıb oturanda, onun axırı olarmı? Hacı Bayram. Ay camaat, ahımınız dünya görmüş adamlarsınız. Bundan qabaq sərdarlar, qubernatorlar, naçalniklər görmüşük, hamısı böyük yarananlar. Adam baxanda bağrı yarılırdı. Onlar getdilər, müsavat hökuməti gəldi. İş başında bəylər, xanlar əyləşdilər ki, hər biri bir ocağın nəsli idi. İndi görün bizim hökumət kİmdir? Uçitel Mi rzə Həsən, kor İsrafilin oğlu qotur Salman, adını da Koroğlu qoyub, mənim nökərim Əhməd. Bunlardan, canım, hökumət olmaz. Bir neçə gün ağalıq elərlər, sonra görərsən Nikolayın qoşunu daldan çıxdı, hamısını vurdu dağıtdı. Hacı Novruz. Deməli, sən bu yolda pul verməyəcəksən? Hacı Bayram. Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Molla Vəli. Hacı Bayram, sən dindar, Allah bəndəsi bir adamsan. Allahın əmri ilə və peyğəmbərin şəriəti ilə Şura hökumətinin qarşısında cahad vacibdir. Sən gərək mənim xatirim üçün, ya mənim xatirim mülahizə olunmasa, oxuduğum Quran xatirəsi üçün bu yolda pul qoymaqdan boyun qaçırmayasan. Hacı Bayram. Axund, sən buyurandan sonra sənin xatirin üçün mən də bir qədər pul verərəm. Ancaq lazımsız xərcdir, çünki bu hökumət beş günlükdür. Molla Vəli. Çox razıyam, Hacı Bayram. Allah sənin imanını kamil eləsin. Deməli, həzərat, biz sabahdan işə başlayırıq. İnşallah xudavəndialəmin tofiqi ilə bir neçə günün içində cəmi ətrafı qaldırıb bu dəccal hökumətini məhv edərik. H a mı. İnşallah! Molla Vəli. Bəli. Mən dua eləyim, siz də amin deyin. Pərvərdigara, sən dini-islama qüvvət ver! Hamı. Amin! Molla Vəli. Xudavənda, sən bu kafirlərin qollarını, dillərini öz yədiqüdrətinlə bağla! Hamı. Amin! Molla Vəli. Bu kafirlərə inananları haqq yola qaytar! Hamı. Amin! Molla Vəli. Bu kafirlərin dalınca gedənləri qiyamətə üzü qara gətir. Hamı. Amin! Molla Vəli. Bəcahi Mühəmmədin və aleh və bəhörməti surətil fatihə. Hamı fatihə oxuyur. Pərdə * * * Yeddinci şəkil Kəndin kənarında qazma. Neçə nəfər hərbilər qazmada əyləşmişlər. Bir nəfər cavan komandan, telefon qulağında, əyləşmiş. Tək-tək atışma səsi gəlir. Ko mandan (telefonla). Deyirsən üsyançıların hesabı gəldikcə azalır? Elə isə güllə atmayın. Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırıb üsyançıları ələ gətirməkdir. Rəhim (toza bulanmış daxil olur). Yoldaş komandan, kəndimizin əhalisi, böyüklü-kiçikli, buradadırlar. Hamısı Şura yolunda ya qırılmağa, ya üsyanı yatırmağa and içmişlər. Pərdənindalındansəslər. Hamımız gedəcəyik, hamımız Şura yolunda canımızdan keçməyə hazırıq. Komandan (gedir, səhnənin arxasında danışır). Yoldaşlar, tələsməyin. Şurişi yatırmaq üçün Şura hökumətinin kifayət edən qədər qüvvəsi var. Bu saat üsyançılarla vuruşan əsgərlər sizin balalarınız deyillərmi, onlar da sizə hesabdırlar. İsrafil (bir uşağın çiynindən tutmuş, daxil olur). Komandan haradadır? Komandan. Komandan mənəm. Sən niyə gəldin, a kişi? İsrafil. Ölməyə gəlmişəm. Komandan. Necə ölməyə? İsrafil. Mənim gözlərim yoxdur, dava eləməyi bacarmaram. Amma Şura yolunda ölməyi mən hamıdan yaxşı bacararam. Komandan (Rəhimə). Bu kişi kimdir? Rəhim. Bu, yoldaş Koroğlunun atasıdır. Komandan. Dayı, bizim üçün yoldaş Koroğlu sənin yerinə kifayətdir. O sənin işini görür, odur gəlir, bir əsir də gətirir. (Koroğlu, qolu sarınmış, iki yoldaşı ilə bir yaralını gətirirlər.) Yoldaş Koroğlu, qolun niyə sarıqlıdır? Koroğlu. Qoluma güllə dəyib, eybi yoxdur, ziyansızdır. (Atasını görür.) Ata, sən burada nə gəzirsən? İsrafil. Xalq canından keçib dava eləyən yerdə, mən necə evdə otura bilərəm? Koroğlu. Yox, ata, sən get evə, daha üsyançılar dağıldılar, qırılanları da az olmadı. Komandan. Bu kişi kimdir? Koroğlu. Bunu biz yolda yıxılmış görüb gətirdik. Komandan (kişiyə). A kişi, haradan yaralanıbsan? Yaralı. Q u r b a n ın olum, güllə böyrümdən dəyib. Komandan. A kişi, sizə Şura hökumətindən nə əziyyət keçdi ki, onun üzərinə üsyan qaldırdınız? Yaralı. Nə bilim, Qurbanın olum. Səbəbin evi dağılsın. Gəldilər camaatı başdan çıxartdılar. Dedilər: təzə hökumət dul arvadların, hamısını yığıb Rusiyaya göndərəcək, məscidləri dağıdacaq, hamını rus məzhəbinə döndərəcək, məscid əvəzinə kilsə tikəcək. Qızları, oğlanları bir-birinə qarışdırıb məktəbdə oxudacaq. Daha nə bilim, çox söz dedilər. Komandan. Bu sözləri deyən kim idi? Yaralı. Evi yıxılsın Molla Vəlinin, Hacı Novruzun, Xədicə oğlu Məşədi Əhmədin, Kərbəlayı Allahverdinin. Camaatı başdan çıxarıb qırğına verən bu zalımlar oldular. Ko mandan. Hacı Bayram oralarda yox idi? Ya ralı. Yox, başına dönüm. Hacı Bayram heç yerdə görünmürdü. İsrafil. Oğul, Hacı Bayramı məndən soruş. Hacı Bayram qarışıqlıq düşdüyünü eşidib, evini, eşiyini Mahmuda tapşırıb, bircə qızını tərkinə alıb Kəbirli mahalına tərəf qaçdı. Deyirmiş ki, mən Şura hökuməti ilə dava eləməyəcəyəm. Komandan. Daha niyə qaçır? İsrafil. Deyirlər, o biri qolçomaqlar ona rahatlıq verməyirmişlər. Deyirmişlər, gərək üsyançılara pul, çörək verəsən. Yoxsa külfətini qırıb, evini odlayacağıq. O da başını götürüb qaçdı. Dedi: malım getdi, canım əlimdə qalsın. Koroğlu. Hacı Bayram üsyandan boyun qaçırdısa da, yenə onunla ehtiyatlı dolanmalı. Onun ürəyi bizimlə düz səriməz. Telefon səslənir. Komandan (telefonu götürür). Kimdir? Yoldaş Koroğlu, səni çağırırlar. Koroğlu (telefonu götürür). Kimdir? Yoldaş Məhərrəm, sənsən? (Komandana) Mənim dəstəmin başçısıdır. (Telefonla) Nə xəbər var, söylə. Afərin, çox sağ ol. Böyük igidlik eləyibsiniz. Tutulanları göndərdiniz? Çox gözəl. Hacı Novruz öldü? Bu saat çaparaq gəlirəm. Komandan. Nə xəbərdir? Koroğlu. Daha üsyan qurtardı. Mənim dəstəm üsyançı başçılarının yuvasını əhatə eləyib. Çox atışmadan sonra Molla Vəlini, Məşədi Əhmədi, Kərbəlayı Allahverdini ələ gətiriblər. Atəş vaxtı Hacı Novruz ölüb. Mən getdim. (Cəld çıxır.) Komandan (İsrafilə). Dayan, oğlunun dəstəsinin qoçaqlığını eşitdin? İndi gedib evində rahat otura bilərsən. İsrafil. Gedim, sənə Qurban olum. (Yanındakı uşağa) Gedək, ay bala? (Gedir.) Yaralı (əsgərə). Ay bala, susuzluqdan yandım. Bir az mənə su ver. (Əsgər su verir.) Səbəbin evi dağılsın. (Komandana) Ay oğul, bir yavuğa gəl. Komandan (gəlir). Nə deyirsən? Yaralı. Q u r b a n ın olum, mən ölürəm. Məni başdan çıxartdılar, bir qələt idi elədim, anlamamışam. Mənim iki oğlum sizin tərəfinizdədir. Onları gözdən qoymayın. Evin yıxılsın Molla Vəli, Hacı Novruz, Məşədi... (Ölür.) Komandan. Bunu götürün bir yana qoyun. Götürürlər. Musiqi hərbi marş çalaraq səhnənin dalından keçir. Camaat “ura, ura” qışqırır. Koroğlu bir neçə yoldaşları ilə daxil olur, qabaqlarında Molla Vəli, Məşədi Əhməd, Kərbəlayı Allahverdi. Koroğlu. Üsyanın canları, ürəkləri bunlardır. Komandan (mollaya). Molla, bir belə qana nə üçün səbəb olurdun? Bu camaat məgər yazıq deyil? Onu işindən, kasıblığından, əkinbiçinindən, bağ-bağatından avara eləyib gətirib qırğına verirsən? Molla Vəlli. Ay Qurbanın olum, mən bir yazıq mollayam. Mən nə bilirəm üsyan nədir, filan nədir. Mən heç bir işə qarışmamışam. Məni nahaq yerə tutub qollarmı bağlayırlar. Mən namazdan, orucdan, xalqa moizə, nəsihət eləməkdən savayı bir şey bacarmaram. Komandan. Bu işləri törədən sənin moizələrin deyilmi? Koroğlu. Molla əmi, niyə birdən belə yazıq oldun? Hanı səndəki odlu dil? Bəs üsyançıların qabağında əlində yaşıl bayraq durub qışqİran kim idi? (Bayrağı göstərir.) Bu yaşıl bayraq kimin əlində idi? Məşədi Əhməd. Ay komandan, mən bilirəm bizi güllə qabağına qoyacaqsınız. Bizim ayrı tənbehimiz yoxdur. Bizim evimizi yıxan bu zalım Molla Vəli oldu. Bizi inandırdı ki, bu gələn dəccalın qoşunudur. Bunlarla gərək cahad olunsun. Bunlar bizim dinimizi, məzhəbimizi, dilimizi əlimizdən alıb, hamımızı özləri kimi kafir edəcəklər. Nə bilək, başına dönüm, bizlər avam, bu alim. Dedik, onun ayağı biləni bizim başımız bilmir, dalınca getdik. Nə qədər camaat tələf elədik, özümüzdə belə. (Molla Vəliyə) Allahın lənəti canına gəlsin, dəccal sən özünsən. Komandan. Molla, Şura hökuməti heç kəsin dinini, məzhəbini əlindən almır. İstər Allaha qulluq elə, istər şeytana, o sənin işindir. Ancaq hökumətə və onun qanununa sədaqətlə qulluq elə. Şura hökumətinin heç kəsin dili ilə işi yoxdur. Şura hökumətinin qanununa görə hər millət savadı öz ana dilində öyrənməlidir. Bunu da bil. İndi görürsənmi nə böyük cinayət törədibsən? Molla Vəli. Qələt eləmişəm, Qurban olum, bilməmişəm. Məni Şura hökumətinin başına çevir. Komandan. Sizin işinizə hərbi məhkəmə baxıb, qərar çıxaracaq. Nə sözünüz var orada danışarsınız. Aparın bunları. (Əsirləri aparırlar.) Yoldaş Koroğlu, sağ ol. Sənin dəstən bu canavarları tutmaqda böyük fəaliyyət göstərdi. Ko roğlu. Bu yerdə müəllim Mirzə Həsənin qulluğu az deyil. Üsyan edən kəndlərin cavanlarının çox yarısını üsyandan qaytaran onun nəsihətləri oldu. Sağ olsun. Bundan sonra kənd cavanları arasında təbliğat aparıb, möhkəm komsomol dəstəsi düzəltmək vacibdir. Komandan. Hər kənddə məktəb açmaq lazımdır ki, kəndlilərin balaları oxuyub, gözüaçıq olsunlar və Molla Vəli kimi şeytanların dalınca getməsinlər. Koroğlu. Əlbəttə, maarif işləri başında Mirzə Həsəni qoyarıq, həvəslə iş aparar. Komandan. Bu sizin ispolkomun işidir. Yenə çox sağ ol! (Əlini sıxır. Əsgərlərə) Yoldaşlar, çağ olun! Əsgərlər (bir səslə). Zəhmətkeş xalq üçün işləməyə hazırıq! Pərdə * * * Səkkizinci şəkil Kənd idarəsinin qarşısında qırmızı örtüklü masa qoyulmuş. Masanın dalında əyləşənlər: Mirzə Həsən, Koroğlu, Rəhim və bir neçə ispolkom üzvləri. Skamyalarda qoca, cavan kəndlilər, komsomolçu qız və oğlanlar əyləşiblər. Koroğlu (ayağa durur). Yoldaşlar! Dumanlı kənd camaatının ümumi iclasını açıq elan edirəm. Müzakirəyə qoyulan iki məsələdir: biri kənd təsərrüfatının ümumiləşməsi və o birisi plan üzrə pambıq əkilməsi. Başqa bir məsələ təklif edən yoxdur? Səslər. Xeyr, yoxdur. Koroğlu. Məsələ qəbul olundu. Keçək birinci məsələyə. Yoldaşlar, budur, neçə sənədir ki, Azərbaycanın əhalisi, o cümlədən bizim kəndin əhalisi Şura hökumətinin sayəsində rahat yaşamaqdadır. Bu neçə sənədə hökumətimiz çox zəhmət, mübarizələrdən sonra böyük nailiyyətə çatıb və əhali rahat öz kasıblığına məşğuldur. Bu sənələrin ərzində neçə üsyanlar yatırılıb. Doğrudur, İndi də aramızda tək-tük ziyançılar tapılır. Məsələn, dünən bizim kəndə göndərilmiş pambıq toxumuna neft töküb odlamaq istəyən iki nəfər xuliqan, komsomollarımız tərəfindən tutulmuşdur. Birnəfərkəndli. Onların özlərinə neft vurub odlanılmalıdır ki, od vurmağın ləzzətini öyrənsinlər. Koroğlu. Söz yox ki, onlar cəzalarına çatacaqlar. Ancaq əclaflar çiyid yandırmaqla, əkin-biçin maşınlarını sındırmaqla Şura hökumətini yıxmaq istəyirlərsə, səhv etmiş olurlar. Buna “dəvəçiyə it hürməsi” deyirlər. Yoldaşlar, bəylərin, mülkədarların və qolçomaqların yerləri hamısı xalqın malı olubdur. Kəndimizdə nə qədər yersiz füqəra var idi ki, nökərçilik, muzdurçuluqla baş saxlayırdılar, İndi hamısı yer sahibi olmuşlar. Vaxta ki əmlak hamısı kəndlilərin əlindədir, bu əmlakdan kəndlilər hamısı birləşib, birlikdə becərib nəfibərdar olmaları xeyli mənfəətli və yaxşı nəticəli görünür. Bu barədə camaatın rəyini bilmək istəyirik. Hər kəs danışmaq istəyirsə danışa bilər. Səfiqulu. Mən söz istəyirəm. Koroğlu. Söz yoldaş Səfiquluya verilir. Səfiqulu. Yoldaşlar! Əgər biz desək ki, Şura hökuməti ki, işçikəndli hökumətidir, bizim xeyrimizə çalışmayır, yalan və böhtan demiş oluruq. Biz keçmişdə görmüşük ki, üç ev bir qazana möhtac idi. Bunu da görürük ki, hər kəndlinin özünün bir rahatlığı var. Şura hökuməti bizə birləşməklə mülk becərməni təklif edirsə, yəqin bizim xeyrimizi nəzərdə tutur. Ona görə mən güman edirəm ki, burada təsərrüfat ümumiləşdirməyin əksinə gedən olmasın. Birnəfərkəndli. Biz hamımız ümumiləşməyə hazırıq. İstəməyən özü bilər. İkincikəndli. Yoldaş Koroğlu, biz üç nəfər burada oturmuşuq. Hacatımız və heyvanımız da var. Mümkündür ki, biz camaata qarışmayıb, hər kəs təklikdə yerimizi becərək və məhsulumuzu da yenə xalq kimi hökumətə sataq. Necə ki, İndiyədək satmışıq. Koroğlu. Yoldaş, ümumiləşmək məcburi deyil. Məcburi olsaydı, sizi buraya çağırmazdılar. Ancaq ümumiləşmənin böyük faydası var. Siz ki, istəyirsiniz təklikdə işləyəsiniz, bir-iki ildən sonra ümumiləşməyin faydasını anlayıb, gəlib xalqa qarışacaqsınız. Səslər. Yaxşı işdir. Şura hökuməti məsləhətsiz işi təklif eləməz. Hamımız razıyıq. Mirzə Həsən. Yoldaş Koroğlu, mənə söz verin. Koroğlu. Söz verilir yoldaş müəllim Mirzə Həsənə. Mirzə Həsən (durur). Yoldaşlar, budur neçə sənədir ki, mən sizin kəndinizdə müəllimlik eləyirəm. İndiyədək məndən bir xəyanət görübsünüzmü? Səslər. Yox, yox... Yaşasın əziz müəllimimiz Mirzə Həsən! Mirzə Həsən. Yoldaşlar, Şuralar Ittifaqının hər yerlərində kənd təsərrüfatı ümumiləşmiş və bundan da həm camaat, həm hökumət üçün böyük faydalar hasil olur. Hökumət sizə toxum verəcək, lazım olsa, istəsəniz pul və mal da verəcək. Siz yerlərinizi indiyədək öküz gücü ilə əkirdiniz. Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Traktorla bir hektarı iki saatda əkəcəksiniz və bu yerdə sizə kömək edən sizin öz balalarınız olacaq. Keçmiş zamanda uşaqlarınız üç il oxuduqdan sonra məktəbdən buraxılırdılar. Buraxılanlar həm savadsız olurdular və həm də kənd işlərinə yaramırdılar. İndi isə uşaqlarınız yeddi il oxuduqdan sonra gedib iki il də sənət öyrənirlər. Əkinçilik işlərində də mahirləşirlər və işləmək üçün də kəndə qayıdırlar. Biri İsrafil oğlu İmran, məktəbi qurtardıqdan sonra slesarlıq öyrənib gəlmiş. Səslər. Sağ olsun, sağ olsun! İmran. Yoldaşlar, bu günlərdə burada bir böyük emalatxana açılacaq. Orada mən və bir neçə yoldaşlarım hacatların təmirinə məşğul olacağıq. Kotanın sındı, biçin maşınımı, arabamı sındı, hamısı orda düzəldilib təzədən işə salınacaq. Daha keçmişlər kimi bir sınıq kotanı otuz-qırx verst həftəbazarına aparmayacaqsınız. Hamı sınıq-söküklər kəndinizin içərisində düzələcəkdir. Bunların hamısı Şura hökumətinin camaatın rahatlığı yolunda çalışmasıdır. Səslər. Yaşasın Şura hökuməti! Mirzə Həsən. Yoldaşlar, mən sözümü qurtarmadım. Şura hökuməti işçi-kəndlilərin hökumətidir. Onun hər bir tədbirləri işçi və kəndlilərin səlahi yolundadır. Ona görə Şura hökumətinin təkliflərini ürəkdən yekdil, yekcəhət alqışlamalıyıq. Səslər. Hamımız razıyıq! Sağ olsun Şura hökuməti! Sağ olsun Mirzə Həsən! Koroğlu. Yoldaşlar, məsələ hamı üçün aydındırmı? Səslər. Aydındır, aydındır. Koroğlu. Ümumiləşmək istəyənlər bu gün iclasdan sonra idarədə adlarını yazdırsınlar. Səslər. Baş üstə. Baş üstə. Koroğlu. İndi keçək ikinci məsələyə. Yoldaşlar, siz bilirsiniz ki, bundan əqdəm Rusiyada böyük fabriklər və zavodlar var idi. Bu fabriklər çit toxumaq üçün lazım olan pambığı başqa vilayətlərdən gətirirdi, çünki məmləkətdə bitən pambıq fabriklərin ehtiyacatının yüzdən birini ödəmirdi. Hökumətimiz, işçi-kəndli hökuməti olduğundan, pul da işçi-kəndlinin puludur. Hökumət xalqın qızıllarını aparıb əcnəbilərin ciblərinə doldurub pambıq gətirməyi istəmir. Ona görə hökumətimizin səyi ilbəil pambıq əkininin qədərini artırıb ölkəmizdəki fabriklər üçün kifayət edən qədər pambığı ölkəmizdə əkdirməkdir. Plan üzrə bizim kənd gərək səkkiz yüz əlli hektar pambıq əksin. Bunu siz bacara biləcəksiniz, ya yox? Cavanlar. Bacararıq, bacararıq! Qoca kəndli. Yoldaş Koroğlu, izin ver, bir söz də mən deyim. Koroğlu. Buyur, buyur. Qocakəndli. Yoldaş Koroğlu, Şura hökumətinin xahişlərinə əməl etməyə və yolunda canımızdan da keçməyə hazırıq. Ancaq səkkiz yüz əlli hektar pambıq əkməyə bizim gücümüz çatmaz. Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Bir nəfər komsomolçu. Yoldaş Koroğlu, mənə söz verin! Koroğlu. Buyur. Komsomolçu. Mənim bir təklifim var. Hökumətin qərarına görə biz səkkiz yüz əlli hektar pambıq əkməliyik. Bu plana qarşı olaraq mən min iki yüz hektar pambıq əkilməsini təklif edirəm. Yığıncaqda hərəkət. Komsomolçular (əl çalırlar). Sağ ol, sağ ol... Min iki yüz hektar! Səslər. Razıyıq, razıyıq! Qocakəndli. Canım, boş qışqırmağın yeri yoxdur... Yorğanınıza görə ayaqlarınızı uzadın. Gücünüz çatmayan işə nə üçün girişirsiniz? Komsomolçu. Əkərik, görərsən. Biz cavanlar hamımız işləyəcəyik. Kəndin cavan oğlanları və qızları hamısı köməyə gələcəklər. Komsomolçuqız. Hamımız hava gələcəyik. Lazım olsa gecələr də işləyəcəyik. Komsomolçu. Lazım olsa sair yerlərdən də komsomolçu yoldaşları köməyə çağıracağıq. Koroğlu. Yoldaşlar, mən iki təklifi səsə qoyuram. Səkkiz yüz əlli və ya min iki yüz hektarmı? Hər kim min iki yüz hektarın tərəfdarıdır, əlini qaldırsın. (Bir neçə adamdan savayı hamı əllərini qaldırır.) Əksəriyyətlə qəbul olundu. İkinci təklifin səsə qoyulmasına ehtiyac yoxdur. (Camaat əl çalır.) Yoldaşlar, hər bir ehtiyatımız hazırdır. Sabahdan işə girişilməlidir. Səslər. Hazırıq, hazırıq. Əl çalırlar. Koroğlu. İclası qapalı elan edirəm. Pərdə * * * Doqquzuncu şəkil Final Səhnə pambıq tarlasını təsvir edir. Göz işlədikcə pambıq görünür. Qarovulçu (daş üstündə əyləşib oxuyur): Yaz gələndə şum elərik düzləri, Ağ dərya tək pambıq tutar hər yeri. Çıxsın düşmənlərin canı, gözləri, Yaşa şuram, yaşa şuram, çox yaşa! Fabriklərə axar pambıq selləri, Mal toxunar, bəzəndirər elləri. Sınsın düşmənlərimizin belləri, Yaşa şuram, yaşa şuram, çox yaşa! Qara dəryadır neftimiz, qazılar, Tərifimiz dəftərlərə yazılar. Düşmənlərin yazdıqları pozular, Yaşa şuram, yaşa şuram, çox yaşa! Açılıbdır məktəblərin qapısı, Savadlanar kəndlilərin hamısı. Deyər sənə hər kimin var namusu, Yaşa şuram, yaşa şuram, çox yaşa! Hacı Bayram (daxil olur). A gədə, burada oturub nə oxuyursan? Qarovulçu. Neyləyim, ay hacı, oturmuşam, pambığın qarovulunu çəkirəm, kefim gəlir oxuyuram. Bircə tamaşa elə, düz-dünyanı pambıq başına götürüb. Baxdıqca ürəyim bir belə (əli ilə göstərir) olur, şadlığımdan oxuyuram. Hacı Bayram. Pambığı kimdən qoruyursan? Qarovulçu. Kimdən qoruyacağam: atdan, maldan, qoyundan, ulaqdan, kulakdan. (Oxuyur): Yaşa şuram, yaşa şuram, çox yaşa! Hacı Bayram. Oxu, oxu! Oxumalı günlərdir. Qarovulçu. Əlbəttə oxumalı gündür. Mənim atam öləndə ağız pambığı üçün həftəbazarına adam göndərdik. İndi görürsənmi, nə qiyamətdəyik. Uzaqdan zurna səsi eşidilir. Hacı Bayram. O nə zurna səsidir? Kənddə toy var, nədir? Qarovulçu. Yoxsa xəbərin yoxdur? Bu gün camaat pambıq yığımını başlayacaq. Odur kəndin camaatı, uşaqlı-böyüklü zurna-balabanla buraya gəlirlər. Hacı Bayram. Yaxşı bayramdır, gəlsinlər. Mən də bir dostaşnamı görüm. Neçə ildir vətənimdən xəbərim yoxdur. Qarovulçu. Harada idin, ay hacı? Hacı Bayram. Uzaq yerlərdə idim, oğul. (Zurna səsi yaxınlaşır.) Pah, pah, tamam kənd gəlir: arvadlar, kişilər, qızlar, oğlanlar... O qabaqda gələn Salman deyilmi? Qarovulçu. Necə S a l m a n? Hacı Bayram. Kor İsrafilin oğlu. Qarovulçu. Yoldaş Koroğlunumu deyirsən? Bizim ispolkomun sədridir, qoçaq oğlandır. Əsil Koroğludan da qoçaqdır. Bu işlər hamısı onun çalışmasındandır. Hacı Bayram. Sağ olsun, mən onu uşaq vaxtında görəndə dedim ki, bu uşağın gözlərindən kamal yağır, bunun gələcəyi yaxşı olacaq. Onun bir balaca qardaşı da var idi. Qarovulçu. Balaca qardaşı Imran oxuyub gəlib, İndi bizim maşıntraktor stansiyasına baxır. Hacı Bayram. İsrafil dururmu? Qarovulçu. İsrafil keçən il öldü. Camaat, zurnaçılar qabaqda olaraq, səhnəyə gəlirlər. Komsomolçu qızlar və oğlanlar əllərində qırmızı bayraqlar, gəlib dayanırlar. Koroğlu (qabağa gəlir, zurna sakit olur). Yoldaşlar, biz öhdəmizə götürdüyümüz vəzifəni tamamilə yerinə yetirdik. Min iki yüz hektar yeri əkməyi boynumuza götürdük də, əkdik də. İndi bir vəzifə də var. Bu gündən pambıq yığımına qədəm qoyuruq. Gərək bu min iki yüz hektar yerin pambığından bir girvənkə də tələf olmasın. Komsomolçuqız. Nəinki bir girvənkə, bir misqalı yerə düşməz. Koroğlu. Yoldaşlar, bizim firqənin başında duran və dünya proletariatının rəhbəri yoldaş Stalin bir gözəl söz deyibdir. O deyir: “Dünyada elə bir səngər yoxdur ki, bolşeviklər onu ala bilməsinlər”. İndi qoy bizim min iki yüz, nəinki min iki yüz, səkkiz yüz əlli hektar pambıq əkməyimizə şəkk gətirənlər, qoy görsünlər ki, yoldaş Stalin bu sözləri havadan deməyibdir, bu, həqiqətdir. Qocakəndli (irəli yeriyir). Yoldaş Koroğlu, sən dediyin adam mənəm. Mən köhnə vaxtda işlədiyimizə nəzərə alıb danışırdım. İndi baxıb səhvimi anladım. Bu həvəslə ki, camaat işə gedib, iki belə pambıq əkibbecərməyi bacarar. Koroğlu. Yoldaşlar, sizin bu həvəslə işləyib vəzifənizi ifa etməyinizi mülahizə edərək, hökumət tərəfindən bizim kəndə bir traktor peşkəş olunur. Yaşasın Şura hökuməti! Səslər. Yaşasın işçi-kəndli hökuməti! Yaşasın firqə rəhbəri yoldaş Stalin! Hacı Bayram (Koroğluya tərəf gəlir). Salaməleyküm. Koroğlu (zənlə baxıb). Hacı Bayram deyilsiniz? Hacı Bayram. Oyam. Bu gün gəlmişəm. Koroğlu. Harada idiniz, heç sizdən bir xəbər yox idi? Hacı Bayram. Doğrusu, Şura hökuməti gələndən sonra mən davam gətirməyib, qızımı da götürüb keçdim İrana. İndiyədək orada idim. Qızım öldü, qaldım tək. Axır vətəndən uzaqda davam eləyə bilməyib, gəlmişəm. İndi sizin ixtiyarınızdayam. Günahım varsa tənbeh eləyin, yox isə qalım burada, mən də kəndlinin biri, sair adamlar kimi işləyim. Koroğlu. Hacı, siz ölənədək keçmiş günlərinizi, qılıncının dalıqabağı kəsən zamanları unutmayacaqsınız. Ona görə, camaat sizin sidq-dildən şura tərəfdarı olduğunuza inanmayınca, sizi öz işlərinə qarışdırmayacaqlar. Hacı Bayram. Mən istəyirəm ürək sözümü açam deyəm. Qoy camaat da qulaq assın. Camaatdansəslər. Hacı Bayramdı!.. İndiyədək harada imiş? Necə arıqlayıbdır... Qarnında bilmərrə piy qalmayıb. Koroğlu. Nə sözün var, de. Hacı Bayram. Camaat, siz hamınız bilirsiniz ki, Şura hökuməti kəndə gələndə, mən onun qarşısına ədavətlə çıxmadım. Mən demirəm ki, Şura hökuməti mənim xoşuma gəldi. Xeyr, Şura hökumətinin böyük düşməni mən idim. Açıq danışmaq yaxşıdır. Mən iş başında bu Koroğlu dediyiniz Salmanı və onun yoldaşlarını görəndə deyirdim ki, belə hökumət üç günlükdür, dağılıb gedəcəkdir. Bununla davaya çıxmaq da axmaqlıqdır. Hampalar məndən üsyan üçün pul istədilər, vermədim. Istədilər məni öldürsünlər, qaçdım. Hər yerə getdim, iş başında cavan kəndliləri gördüm. Axırı davam eləyə bilməyib, qaçdım İrana. İndi gəlmişəm. Xaraba qoyub getdiyimi kəndləri, avam qoyub getdiyim camaatı tanımıram. Kəndlərdə nə gözəl binalar, məktəblər; oğlanlar, qızlar hamısı savadlı; idarələrdə xalqa gözəl rəftar, nə pristavlar söyüşü, nə yüzbaşı qamçısı. Hamı bir-birinə yoldaş, qardaş. Bir belə əkinləri, pambıq zəmilərini gördükdə, doğrusu, mat qalıram. İndi görürəm ki, anlamamışam. İndi səhvimi boynuma alıb gəlmişəm. İstəyirsiniz öldürün, istəyirsiniz buraxın. Sizin ixtiyarınızdayam. Koroğlu. Hacı, söz bayaqkıdır. Bir qədər qalarsan işlərsən, sonra işə baxarıq. Sənin evin ispolkomdur. Sənə kənddə ev də verilər, yaşarsan. Hacı Bayram. Tək adamam, bir balaca komada da yaşayaram. Koroğlu. Çox gözəl. İndi, yoldaşlar, bir qədər çalın oynayın. Sonra işə girişək. Qocakəndli. Mən günahımı yumaq üçün qabaqca özüm oynayacağam. Aşıq, çal. Çalırlar, qoca oynayır. Xalq ura çəkib əl çalır. * * * == Çox gözəl == Çox gözəl Üç şəkildə Əşxas KəbləRəcəbəli – kəndli Pəricahan – arvadı Əmiraslan – oğlu Simon Əhməd }Əmiraslanın məktəb yoldaşları Zeynal MirzəHeydər – şəhər məktəbinin müəllimi Kəndməktəbimüəllimi Simonunatası Qocakəndli Cavankəndli Məktəb uşaqları, kəndlilər * * * Birinci şəkil Şəhərin yavuqluğunda, dəniz kənarında bir kənd. Kənd meydançası. Bir dəstə məktəb şagirdləri şeypur, baraban çalaraq, qabaqlarında müəllim, gəlib meydançada dayanırlar. Qocakəndli (müəllimin yanına gələrək). Yoldaş müəllim, bu gün bayramdır, nədir? Bu uşaqları səyahətə çıxarıbsınız? Müəllim. Yox, bayram deyil. Bu gün şəhərdən bir dəstə məktəb uşaqları buraya gəzməyə gələcəklər. Bizim uşaqlar da onların istiqbalına çıxıblar. Qocakəndli. Yaxşı işdir gəlsinlər bizim kəndə də bələd olsunlar, görsünlər biz necə yaşayırıq. Müəllim. Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Nə qədər olsa, iş bilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Onların da düşəndə bir kəndə gəlib kənd əhalisi ilə danışıb, onlara bilmədiklərini öyrətmək, elmin, sənayenin Şura ölkələrində nə dərəcədə tərəqqi etməsini andırmaq lazımdır. Qocakəndli. Doğrudur, yoldaş müəllim. Bundan qabaq kəndlilər hamısı kor kimi idilər. Şura hökuməti gələndən bəri bir çox bilmədiyimiz şeyləri öyrənmişik. Bu kənddə az adamın atı, ulağı olardı. Hamımız şəhərə getmək lazım olanda piyada gedirdik. İndi isə dəmir yolu qapımızın ağzına çəkilibdir. Avtomobillər kəndlə şəhərin arasında işləyirlər. Bu saat da kənddə elə adam var ki, saqqalı ağarıb, amma şəhəri görməyib. İndi uşağın da, böyüyün də bir ayağı şəhərdədir. Gedirik, gəlirik, hər şeyi görürük, öyrənirik, gözümüz açılır. Çox yaxşı zəmanədir zəmanəmiz. Müəllim. Şəhərin dövlətlilərinin hər birisinin burada yaylaq mənzili var idi. Milyonları boş-boşuna yelə verirdilər. Amma bu kəndə nəinki dəmir yolu, bir rahat araba yolu da qayıtdırmırdılar. Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında yolların düzgünlüyünə diqqət yetirdi. Odur ki, bu kəndə hətta dəmir yolu da çəkildi. Qocakəndli. A sənə Qurban olum, dövlətlilərin hər birisinin özünün faytonu, avtomobili var idi. Hər biri öz canının rahətliyini axtarırdı. Kəndlinin qeydinə qalan yox idi. Deyirdilər: “Kəndlinin baldırı bərkdi, canı çıxar, piyada gedə bilər. Bir də, kəndlidir otursun yerində, əkinbiçininə, bağına-bostanına məşğul olsun. Onun şəhərdə nə işi var?”. Müəllim. Elədir, dayı. Üç-dörd nəfər kənd uşaqlarından: “Ada, qoymayın ha!.. Ada, qoymayın ha!” – deyə qışqıraraq gəlib səhnədən yüyürərək keçirlər. Bir neçə cavan kəndli onların dalınca səhnəyə daxil olub dayanır və iki əlini belinə qoymuş qəhqəhə ilə gülür. Cavankəndli. Ha, ha, ha, ha!.. Ha, ha, ha, ha!.. Ora bax, ora!.. Pa atayın evinəcən!.. Zalım oğlunun satdığı parovoz kimi qaçır. Ha, ha, ha, ha!.. (Gülür.) Müəllim. A Mirzəbala, nə olub? Niyə gülürsən? Cavankəndli (barmağı ilə uzağı göstərir). Bir baxın, yoldaş müəllim. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. İt belə qaçır ki, dalından güllə atsan çatmaz. Müəllim. Bu məgər gülməli işdir? Uşaqlarımızın tərbiyəsizliyinə ağlamaq lazımdır. Cavankəndli. Nə olar ki, ay yoldaş müəllim, qoy uşaqlar bir az kef görsünlər. Müəllim (məktəb uşaqlarının ikisini çağırır). Yüyürün o iti uşaqların əlindən alın. (Uşaqlar yüyürərək gedirlər. Cavan kəndliyə) Bilirsən, Mirzəbala, adını insan qoyan gərək heç bir heyvana əziyyət verməsin. Heyvanın da bizim kimi canı ağrıyır. Ancaq dillənib şikayət eləməyi bacarmır. Söz qarşısında söz gətirə bilməyənlərə, zor qarşısında zoru olmayanlara, dərdlərini, ağrılarını deməyə dilləri olmayanlara əziyyət vermək insanlıq sifətindən uzaqdır. Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. İtə, pişiyə və sair heyvanata əziyyət eləməsinlər. Cavanlar bizim köməkçilərimiz, bizim qeydlərimizi çəkənlərdir. Qocakəndli. Yoldaş müəllim doğru deyir. Bizim canımız ağrıyan kimi, heyvanın da canı var. Cavankəndli. Bağışla, yoldaş müəllim, anlamamışam. (Gedir. Məktəb uşaqları qayıdırlar.) Uşaq. Yoldaş müəllim, itin quyruğundan vedrəni açdıq, buraxdıq getdi. İstədilər bizi döysünlər, qaçdıq. Müəllim. Çox yaxşı, di gedin yerinizə. Uşaqlar gedib yerlərində dayanırlar. Şeypur, baraban səsi eşidilir. Mü əllim (şagirdlərə). Nizam! Uşaqlar düzülürlər. Bir dəstə məktəb uşağı, qabaqlarında müəllim Mirzə Heydər, daxil olurlar. İki dəstə bir-birinə qarışırlar. Müəllimlər görüşüb əl tutuşurlar. Mirzə Heydər. Necəsiniz? Çoxdan görüşmürük. Heç şəhərə gəlmirsiniz. Müəllim. Məgər tərpənməyə macal var? Gündüz uşaqlarla məşğulam, axşamlar da böyüklərə dərs verirəm. Istirahət günlərində də evdə oturub balalarımı başıma yığıb onlarla vaxt keçirirəm. Yainki camaat yığıncağında oturub keçmişdən, gələcəkdən, daxili və xarici vəziyyətdən söhbət edirik. Daha şəhərə gəlməyə macal qalmır. Mirzə Heydər. Uşaqlar üçün yer hazırdır? Müəllim. Əlbəttə, uşaqlar üçün məktəbin həyətində çay və yeyinti hazır edilibdir. Gecəni də məktəbdə qalacaqlar. Siz də mənim mənzilimdə rahat olarsınız. Əm iraslan (Mirzə Heydərin yanına gəlir). Yoldaş müəllim, siz də, mənim yoldaşım Simon da bizim evdə mənzil edəcəksiniz. Müəllim. Yox, müəllimin söhbəti müəllimlə tutar. Sizin evdə o, sıxıntı çəkər. Sən öz yoldaşını qonaq apar. Mirzə Heydər də mənimlə qalsın. Əmiraslan. Yoldaş müəllim, xahiş edirəm mane olmayasınız. Atam mənə neçə dəfə tapşırıbdır ki, kəndə gələndə müəllimi də qonaq gətirim. İndi müəllim bizə qonaq getməsə mən atamın üzünə baxa bilməyəcəyəm. Atam da deyəcəkdir ki, müəllim elm oxumuş adamdır, kasıbları bəyənmir. Mirzə Heydər (kənd müəlliminə). Doğrusu, bu söz məni tutdu. Mən şagirdimə qonaq gedəcəyəm. Müəllim. Eybi yoxdur, mən də razıyam. (Üzünü uşaqlara döndərib komanda verir.) Nizam! (Uşaqlar düzəlirlər.) Sağa dön! (Uşaqlar dönürlər.) Addımla marş! Uşaqlar gedirlər, müəllimlər də onların arxasınca. Pərdə * * * İkinci şəkil Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmüş, namazını qurtarır. Kəblə Rəcəbəli. Əssəlamü əleyna və əla ibadüllahül salihin, əssəlamü əleyküm və rəhmətüllahü və bərəkatü. (Salavat çevirib, durub canamazı büküb bir kənara qoyur. Əmiraslan, Mirzə Heydər və yoldaşı Simonla daxil olur. Kəblə Rəcəbəli onları görüb) Paho, ay oğul, haradan gəldin? Əmiraslan. Ata, məktəb yoldaşlarımızla buraya iki günə səyahətə gəlmişik. Yoldaşlarımıza kənd məktəbində yer verdilər. Mən də müəllimlə bu yoldaşımı evimizə qonaq gətirdim. Kəblə Rəcəbəli. Xoş gəliblər. (Hər ikisinə əl verir.) Xoş gəliblər. (Müəllimə) Siz bunun müəllimisiniz? Çox gözəl. İsminiz nədir? Mirzə Heydər. İsmim Heydərdir. Kəblə Rəcəbəli. Mirzə Heydər. Çox gözəl. (Oğluna Simonu göstərir.) Bu da sənin yoldaşındır? Çox gözəl! Əmiraslan. Bəli, bununla ikimiz bir skamyada otururuq. Oynayanda da bir yerdə oynayırıq. Bir-birimizi də çox sevirik. Kəblə Rəcəbəli. Çox gözəl! Çox gözəl! Di əyləşin. Çörəyimiz hazırdır, yəqin acsınız... Mirzə Heydər. Çox razıyam, kəbləyi, kənd məktəbində bizim gəlməyimiz məlum olduğundan, bizim üçün yemək hazır olunmuşdu. Mən də, uşaqlar da doyunca yemişik. Bu saat iştahamız yoxdur. Kəblə Rəcəbəli. Çox gözəl. Axşam üçün tədarük görərik. (Oğluna) Bəs bu yoldaşın kimlərdəndir? Əmiraslan. Bunun atası bir yaxşı kişidir. Tez-tez bunlara qonaq gedirəm. Anası çox dadlı şeylər bişirir. Adı Simondur. Kəblə Rəcəbəli. Simon?! (Qeyzli) Çox gözəl, çox gözəl! Əstəğfürullahu rəbbi və ətubö ileyh. (Cəld gedib yuyunacaqda əllərini sabunla yuyub, suya çəkir.) Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Əmiraslan. Ata, bunun əlinə nə olmuş ki? Bunun əlləri mənim əllərimdən də təmizdir. Biz məktəbdə gündə dörd-beş dəfə əllərimizi sabunla yuyuruq. Kəblə Rəcəbəli. Əlləri təmizdir! İndi görürəm sizə nə tərbiyə verirlər. Çox gözəl, çox gözəl! Mirzə Heydər. Kərbəlayı, bu sözlərin axırı bir qədər biz müəllimlərə toxundu. Kəblə Rəcəbəli. Bəli! Nabaliğ uşaq öz təklifini anlamaz. Onu anlatmaq lazımdır. Bu da müəllimlərin borcudur. Uşağa birinci lazım olan onun əhkami-şəriyyəsidir. Bundan da görürəm mənim oğlumun kökündən xəbəri yoxdur. Mən bilsəydim, onu evimdən kənara qoymazdım. Əgər uşaqların hamısına belə tərbiyə verirsinizsə, mərhəba, çox gözəl, çox gözəl! Mirzə Heydər. Kəbləyi, uşaqlar getsinlər, sonra bu xüsusda söhbət edərik. (Əmiraslana) Yoldaşlarınız dənizə çimməyə getdilər, sən də yoldaşını götür get. Mən də siz gəlincə burada atanla söhbət edim. Əmiraslan (yoldaşına). Simon, gedək! Simon. Gedək. Hər ikisi gedirlər. Mirzə Heydər. Kəbləyi, uşaqlar getdilər. İndi biz rahat söhbət edə bilərik. Buyurun görək, bizim tərbiyə verməmizdə siz nə qüsur görürsünüz? Kəblə Rəcəbəli. Tərbiyəniz başdan-başa qüsurdur. Siz bunlara dərsləri nə dildə verirsiniz? Mirzə Heydər. Bizim məktəbimiz beynəlmiləldir, amma biz dərsi hər millətə öz ana dilində veririk. Türklərə türk dilində, ruslara rus dilində, ermənilərə, həmçinin, öz ana dillərində. Kəblə Rəcəbəli. Beynəlmiləl nə deməkdir? Mirzə Heydər. Yəni bu məktəbdə hər millətin balaları var. Hamısı birlikdə dərs oxuyurlar. Kəblə Rəcəbəli. İndi mən hər işi anladım. Çox gözəl! Çox gözəl! Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini. Siz mənim oğlumu öz əhkami-şəriyyəsindən, dini məsələlərdən uzaqlaşdıranda o da, əlbəttə, bir xarici balasının əllərinə təmiz deyəcək. Çox gözəl, çox gözəl! Mirzə Heydər. Kəbləyi, dünyada müsəlman dili, ya xristian dili yoxdur. Millətlərin dilləri var. Sənin oğlun türk balasıdır. Dili də türk dilidir. Bizim məktəbdə nəinki ona, hətta onun xarici dediyin yoldaşlarına da türk dili öyrədirik. Kəblə Rəcəbəli. Mirzə, siz bizim kimi adamlara avam deyirsiniz, nə eybi var? Çox gözəl. İndi mən bir neçə söz deyim, sən də mültəfit ol. Mirzə Heydər. Buyur! Kəblə Rəcəbəli. Mən özüm, rəhmətlik Mirzə Hüseynin mollaxanasında oxumuşam. Bəlkə eşitmiş olasan. Mirzə Heydər. Mən eşitmişəm. Mənim atam da onun mollaxanasında oxuyubdur. Onun dərs verməyini çox tərif edərdi. Kəblə Rəcəbəli. Atan vəfat eləyib, ya sağdır? Mirzə Heydər. Xeyr, sağ deyil. Kəblə Rəcəbəli. Allah rəhmət eləsin. Bəli, mən Mirzə Hüseynin mollaxanasında neçə il dərs oxumuşam. Bizə gözəl Quran oxudardı, namaz öyrədərdi. Səhviyyat, müşkülat, təmzik, hamısını öyrədərdi. “Cameyi Abbas”, “Əvvabül cənnat” kimi ehkam kitablarını oxuyub cəm müsəlmana lazım olan təkliflərdən xəbərdar olurduq. Amma sizin tərbiyəniz tərsinədir. Siz bizim balalarımızı xarici balalarına qarışdırıb, onları gəldikcə müsəlmançılıqdan uzaqlaşdırırsınız. Mən gözümün ağı-qarası olan bir oğlumu belə məktəbdə oxudub cəhənnəmin odunu bu dünyada özümə qəbul etməyəcəyəm. Mirzə Heydər. Kəbləyi, sözünüzü qurtardınız ya yox? Ədib “türk” deyəndə azərbaycanlını nəzərdə tutur Kəblə Rəcəbəli. Bəli, qurtardım. Mirzə Heydər. İndi icazə verin bir neçə kəlmə mən də danışım. Kəblə Rəcəbəli. Buyur danış, çox gözəl! Mirzə Heydər. Kəbləyi, Bakıda 1905-ci ildə vaqe olan ermənitürk qırğını xəyalınızdadırmı? Kəblə Rəcəbəli. Çox gözəl xəyalımdadır, nə olsun? Mirzə Heydər. O qırğın Mirzə Hüseynin tərbiyəsinin nəticəsi idi. Kəblə Rəcəbəli. Əcəb söz dedin! Çox gözəl! Necə, Mirzə Hüseyn deyirdi gedin erməniləri qırın? Mirzə Heydər. Yox, Mirzə Hüseyn demirdi, onun verdiyi tərbiyə deyirdi. Rica edirəm mültəfit olasınız. Kəblə Rəcəbəli. Çox gözəl, buyur. Mirzə Heydər. Siz bunu yəqin edirsinizmi ki, insanlar hamısı anadan bir çifətdə doğulurlar? Kəblə Rəcəbəli. Doğrudur, sonra? Mirzə Heydər. Sonra uşaq keçir mollanın, keşişin ya xaxamın əlinə. Bu şəxslər öz mənfəətlərini mülahizə edib, millət təfavütü məsələsini araya salırlar. Bunlar durub desələr ki, insanlar hamısı qardaşdırlar, o vaxt millətlər əl-ələ verib onların hamısından uzaq qaçarlar və onlar meydanda tək qalıb, cəm mədaxillərindən məhrum olarlar. Siz Simona əl verdikdən sonra gedib əllərinizi suya çəkdiniz. Nə səbəbə? Guya onun əli murdardır. Nə səbəbə onun əli murdardır? O, xaricidir. Molla belə buyurur, keşiş də belə buyurur, xaxam da belə buyurur. Hər birisinin nəzərində o biri millətlər murdardırlar və onlarla mülaqat haramdır. Beləliklə millətlər arasında təfriqə salıb özlərinə mürid cəm edirlər. Əllərindəki silah da ancaq dİndir. Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Hökumətlər ruhanilərin millətlər arasına saldıqları təfriqəni daha da qızışdırıb inqilab və üsyan qarşısını almaq üçün millətləri bir-birlərinə qırdırırlar. Bu səbəbdən erməni-türk qırğını Qafqazda vaqe oldu. Rus keşişlərinin və çar hökumətinin təhriki ilə Rusiyanın neçə şəhərlərində yəhudiləri talan etdilər. İngiltərə hökuməti üç yüz milyon əhalisi olan Hindistan məmləkətini ancaq millətlər arasına təfriqə, nifaq və qırğın salmaqla əlində saxlayır və bu işdə ruhanilər hökumətə sədaqətlə qulluq edirlər. Bu siyasət burjuaziya ölkələrində İndi də yeridilməkdədir. Ancaq bir tək Şuralar İttifaqında hamı millətlərin qardaşlığı, birliyi və əl-ələ verib sosializm yolunda birlikdə işləmələri elan olundu və Şura Ittifaqında millətlər qırğını heç vaxt vaqe ola bilməz. Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Kəblə Rəcəbəli. İndi sənin deməyinlə, mənlən Vartazarın biri qardaşdır? Çox gözəl, çox gözəl! Mirzə Heydər. Burada Vartazar söhbəti yoxdur. Vartazarla sənin aranda divar çəkən həmin ruhanilərdir, din silahı ilə ortalığa çıxıblar. Bu silah onların əlindən alınarsa, səninlə Vartazarın qardaşlığına şəkk qalmaz. Dünyada müharibələrin qət olunmasına və asayişin hər bir yerdə bərpasına millətlər qardaşlığı səbəb olar. Bu şüar Şura hökumətinin ən birinci şüarıdır. Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl! İndi siz mollanı, keşişi kənara qoyub, uşaqlara qardaşlıq dərsi verirsiniz? Aya, xudanəkərdə, mənim oğlumun ayağı büdrəyib yıxılsa, onun sevgili qardaşı onun qolundan yapışıb durğuzarmı? Atamın goru üçün birinci təpik vuran o olar. (Bayırdan səs-küy eşidilir. Kəblə Rəcəbli qapını açıb baxır və birdən qışqırır.) Ax, evim yıxıldı, başıma daş düşdü, gözümün işığı, belimin qıvvəti bircə balam əlimdən getdi. Mirzə Heydər. A kəbləyi, sizə nə oldu? Kəblə Rəcəbəli. Kəbləyinin evi yıxılsın, budur balamın meyitini gətirirlər. Mirzə Heydər. Meyit nədir? Nə danışırsınız? (Çıxır eşiyə.) Pəricahan (içəri otaqdan hövlnak çıxır). Oy, oy!.. Vaxsey!.. Başına daş düşsün, canım? Atayın evi yıxılsın, canım! Ay balam, ay gözəl balam, axır sənə nə oldu? İki nəfər kişi, yanlarında bir neçə məktəb uşağı, Əmiraslanı otağa gətirirlər. Mirzə Heydər (daxil olur). Bacı, qorxmayın, nahaq yerə qışqırıq salmayın. İndi ayılar. Yorğan-döşək hazır eləyin. (Çarpayının üzərindəki yorğanı kənar edib Əmiraslanı uzadırlar.) Pəricahan (məktəb uşaqlarına). Ay oğullar, bircə deyin görüm, mənim balama nə oldu? Məktəbuşağı. Xala, biz hamımız dənizdə çimirdik Əmiraslan da çimirdi. Çİmdiyi yerdə bir dərin yerə düşüb batdı. Biz hamımız əlimizi üzdük. Simon da dənizin kənarında sudan çıxıb özünü günə verirdi. Bunu görən kimi özünü suya atıb yox oldu. Bir də gördük Əmiraslanı başına almış sudan çıxdı. Biz Əmiraslanın qolundan yapışdıq. Simon istədi çıxsın, Əmiraslanın ağırlığından ayağı sürüşüb batdı dənizə. Bir lotkaçı çox çətinliklə onu da çıxartdı. İndi gətirirlər. Əmiraslan (gözlərini açır). Ana, qorxma, ölməmişəm! Simon necə oldu, sağdırmı? Məktəbuşağı. Sağdır, budur gətirirlər. Simonu gətirirlər. Kəblə Rəcəbəli. Gətirin buraya. Arvad, yer sal! Sənə Qurban olum, ay bala! Mənim oğlumu təzədən mənə verdin. Əmiraslan. Mənim çarpayımın üstünə qoyun. Simonu çarpayının o biri başında uzadırlar. Məktəbuşağı (Kəblə Rəcəbəliyə). Əmi, Simon olmasaydı, Əmiraslan əldən getmişdi. Kəblə Rəcəbəli. Əmiraslana da Qurban olum, sənə də, Simona da. Simon (gözlərini açır). Əmiraslan hanı? Əmiraslan. Burdayam, Simon, sən necəsən? S i mo n. Yaxşıyam, heç zad olmaz. Kəblə Rəcəbəli. Hər ikinizə qurban olum! İkiniz də sağalarsınız. Mənim oğlum İndiyədək bir idi, İndi deyərəm iki oğlum var. (Simonun alnından öpür.) Mirzə Heydər. Mən gedim telefonla Simonun atasına xəbər verim. (Kəblə Rəcəbəliyə) Kəbləyi, Şura hökumətinin mən dediyim beynəlmiləl tərbiyəsinin nəticəsi budur! Yoldaş yoldaşını fəlakətdən qurtarmaq yolunda canından keçir. Əgər bunlar molla, keşiş, ya xaxam tərbiyəsi almış olsaydılar, sən deyən kimi bar-birinin ayaqlarından çəkərdilər. İndi mən yəqin edirəm ki, mənim dediyim sözləri dürüst düşündünüz. Kəblə Rəcəbəli. Dürüst düşündüm. Çox gözəl düşündüm. Çox gözəl! Pərdə * * * Üçüncü şəkil Həmin otaq Əmiraslan, Simon, Əhəd, Zeynal. Ze ynal. Əmiraslan, Simon olmasaydı, İndi biz yığılıb başımıza döyüb “yoldaş vay” deyə ağlayırdıq. Əh ə d. Simon yaxşı yoldaşdır. O istəyir ki, ona hər bəla toxunsun, amma yoldaşına heç bir şey olmasın. Əmiraslan. Simon çox sağ olsun, məni təzədən dirildib anama verdi. S imo n. Əmiraslan, bunlar danışırlar qoy danışsınlar, mən ki, bir böyük iş görməmişəm. Ze ynal, Əhməd, Əmiraslan. Bundan böyük nə iş ola bilər! Simon. Mən öz yoldaşlıq borcumu yerinə yetirmişəm. Yoldaş yoldaşının yolunda canından keçməsə, onun qiyməti bir qəpikdir. Əh ə d. Sağ olsun Simon! Zeynal (Simona). Gözəl söz dedin, yoldaşlıqda belə olmaq gərək. Əh ə d. Simon, səndən bir söz soruşum. Necə bilirsən, suya batan sən olsaydın, Əmiraslan canından keçib özünü sənin dalınca suya atardımı? Əmiraslan (Əhədə). Bu nə sualdır? Mənim gözümün qabağında yoldaşım suya batsın, mən də oturub tamaşa eləyim? Əh ə d. Bilirəm, zarafatla soruşdum. S imo n. Bir dəfə mən tramvaydan yıxılmışdım. Ayağım çıxmışdı. Əmiraslan məni məktəbdə görməyib, dərsdən çıxan kimi yanıma yüyürmüşdü. Məni yerdə uzanmış görüb başladı gözlərindən yaş töküb ağlamağa. Mən nə qədər dedim: “Ay Əmiraslan, bir şey olmayıb, ayağım çıxmışdı. Həkim gəldi yerinə saldı” kiridə bilmədim. Axırda atam güclə onu kiritdi. Əmiraslan belə yoldaşdı. Ze ynal. Əhəd zarafatla soruşdu. İş bir tək yoldaşlıqda deyil. İnsan insanı fəlakətdə görəndə borcludur kömək eləsin. Kəblə Rəcəbəli (daxil olur). Ay uşaqlar, yenə də söhbət edirsiniz? (Simona) Bala, necəsən, yaxşısanmı? Simon. Yaxşıyam, əmi, sox sağ olun! Kəblə Rəcəbəli. Bir yerin ağrımadı? Simon. Yox, əmi heç yerim ağrımadı. Qapı döyülür. Kəblə Rəcəbəli. Yəqin gələn Mirzə Heydərdir. (Gedib qapını açır.) Mirzə Heydər (Simonun atası ilə daxil olur). Salaməleykum! (Kəblə Rəcəbliyə) Kəbləyi, tanış olun, Simonun atasıdır. Kəblə Rəcəbəli. Simonun atasıdır? Çox gözəl. (Əl verir.) Çox xoş gəlibsiniz! Mirzə Heydər, sağ ol ki, mənim bu kasıb evimə belə əziz qonaq gətirdin. Simon və Əmiraslan qonağın qabağına yüyürürlər. Əmiraslan. Əmi, Simonun suya batdığını eşidib qorxmadınız ki? Simonunatası. Əlbəttə qorxdum və dedim bir xata olmasaydı, Mirzə Heydər mənə telefon eləməzdi. Kəblə Rəcəbəli. Mirzə Heydər sizi nahaq qorxudub. Ancaq o sizə xəbər verməsəydi, bilmirəm mən harada sizinlə görüşüb tanış olacaqdım. Mənim ayağım şəhərə çox az düşür. Simonunatası. Mən də Əmiraslan kimi bir tərbiyəli balanın atası ilə tanış olmaqdan məmnun oldum. Kəblə Rəcəbəli. Onun tərbiyəli olmağına səbəb mən deyiləm, bax bu Mirzə Heydərdir. Gözəl tərbiyə verir uşaqlara, çox gözəl! Mirzə Heydər. Kəbləyi, deyəsən yavaş-yavaş mən deyənə gəlirsiniz. Kəblə Rəcəbəli. Daha nə deyim?! Kor da bilir ki, balıq şordur. Simonunatası. Mənim bu yerlərə gəldiyim iyirmi beş ildən artıqdır. Əvvəl gələndə qonşular hamısı mənə əyri gözlə baxırdılar. Heç birisi etina eləmirdi. Qab-qazan istəyəndə vermirdilər ki, murder olar. Qab-qazan dursun qıraqda, balta da vermirdilər. Mənim böyük oğlum o vədə altı-yeddi yaşında idi. Hər gün ağlaya-ağlaya üstümə gəlirdi ki, türk uşaqları məni döydülər. Deyirdi, mən də böyüyəndə onları döyəcəyəm. Mən ona nəsihət elərdim, deyərdim: “Onlar anlamırlar. Sən ağıllı uşaq ol, heç kəsə dolaşma”. İndi işlər başqa tərzdədir. Özünüz görürsünüz ki, yoldaşlar arasında millət ayrılığı yoxdur. Hamısı bir-birilə qardaşcasına rəftar edirlər, hətta bir-birlərinin yolunda canlarından da keçirlər. Bu, Şura hökumətinin beynəlmiləl tərbiyəsinin nəticəsidir. Kəblə Rəcəbli. Beynəlmiləl tərbiyənin nə olduğunu Mirzə Heydər mənə dürüst anlatdı. Çox sağ olsun, gözəl tərbiyədir, çox gözəl! Mirzə Heydər. Kəbləyi, burada bu saat iki millət nümayəndəsi var. Biri siz, biri də Simonun atası. İndi mən sizdən bir şey xəbər alım. Belə oturub iki qardaş kimi söhbət etmək yaxşıdır, ya bir-birinizə murdar deyib vuruşmaq? Kəblə Rəcəbəli. Bu bir sual deyil, aydındır ki, dünyada mehribançılıqdan gözəl şey yoxdur. Mirzə Heydər. İndi götürək tamam dünyanı. Dünyada yaşayan millətlərin sayı-hesabı yoxdur. Bu millətlər hamısı bir-birilə qardaş kimi dolansalar yaxşı olar, ya həmişə bir-birinin əleyhinə müharibəyə hazırlaşsalar və hərdən bir də vuruşub milyonlarla xalqın qanını töksələr? Kəb lə Rəcəbəl i. Əlbəttə millətlər qardaşcasına dolansalar, heç müharibə də olmaz. Hər yerdə qurd qoyunla bir yerdə otlar. Simonunatası. Müharibə üçün top-tüfəngə, adam boğan qaza, pulemyota tökülən xərc millətlərin tərəqqiləri və ehtiyacı yolunda sərf olunar. Mirzə Heydər. Bu da bağlıdır İndiki millətçilik tərbiyəsini buraxıb beynəlmiləl tərbiyəyə keçməyə. Nəhayət, kapitalizm ölkələrində tərbiyə ancaq bir milləti o biri millətin əleyhinə qaldırmaqdan, bir sinfi o biri sinfin üzünə durğuzmaqdan, kralların, sərvətdarların istifadəsi üçün millətləri bir-birilə vuruşdurmaqdan ibarətdir. Belə fəlakətlərin önünü almaq və millətlər arasında qardaşlıq yaratmaq üçün uşaqları, onların başını millətçilik mövhumatı ilə dolduranların əlindən alıb beynəlmiləl tərbiyə altına cəlb etməkdir. Bu vəzifəni ancaq Şura tərbiyəsi öhdəsinə almış. Kəb lə Rəcəbəl i. Şura hökuməti öhdəsinə gözəl tərbiyə götürmüş, çox gözəl! Simonunatası. Axırıncı Avropa müharibəsində azından bir milyon adam tələf oldu və bir elə də adam əlil, şikəst olub çörək qazanmaq iqtidarını itirdi. Bunların hamısının ailələri ac və çılpaq qaldılar. Bu nə üçün idi? Ancaq necə ki, Mirzə deyir, sərvətdarların istirahəti üçün və müharibədən sonra alınan yerlərdə, məmləkətlərdə zavodlar, fabriklər bina edib, ticarət açıb yerli əhalini soymaq üçün. Beynəlmiləl tərbiyə belə şeylərə intiha qoya bilər. Mirzə Heydər. Beynəlmiləl tərbiyənin bərpası üçün dünya inqilabı lazımdır. Bu da yəqin olacaq. Biz Avropa burjuaziyasının güngündən nüfuzunu itirməsini və proletariatın gün-gündən qüvvətlənməsini aydın görürük. Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl! Simonunatası. Söhbətimiz çox şirinləşdi. Çifayda poyezdin yola düşməsinə az qalıbdır. Gərək evə qayıdam. Arvad nigarandır. (Oğluna) Simon, hazırlaş gedək. Kəblə Rəcəbəli. Elə şey yoxdur. Siz mənim əlimə göydən düşübsünüz. Çayımız hazırdır, bir az çay içərik, sonra da bir yerdə şam eləyib doyunca söhbət elərik və gecə də mənə qonaq olacaqsınız. Simonunatası. Mən yenə deyirəm, arvad nigarandır, yoxsa çox həvəslə qalardım. Mirzə Heydər. Mən bu saat gedib telefonla sizin xanıma xəbər verib, onu arxayın elərəm. Kəblə Rəcəbəli. Bu çox gözəl olar, çox gözəl! Simonunatası. Onda bahəm gedək telefona, arvad mənim öz səsimi eşitsə daha da arxayın olar. Mirzə Heydər. Onda buyurun gedək. (Kəblə Rəcəbəliyə) İndi, kəbləyi, fikriniz nədir? Əmiraslanı evdə saxlamaqdı, ya mənimlə yenə şəhərə göndərmək? Kəblə Rəcəbəli. Apar, apar, çox həvəslə verirəm. Mirzə Heydər. Çox gözəl! (Simonun atasına) Buyurun gedək! Kəblə Rəcəbəli. Mən də sizinlə gedirəm. Söhbət edərik, gedib gələrik. Mirzə Heydər. Çox yaxşı olar! Çox gözəl! Gedirlər * * * == Hekayələr == Ata və oğul Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi. Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı. Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi. Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü. Xəlilin atasından bir balaca, İki otaqdan ibarət ev və iyirmi İki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Necə il buna dərs verib, savad sahibi eləyib, İndi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dİkib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən Allah xatirinə İndiyədək bu uşağa ata olub, İndi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”. Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez busözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”. Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun yanına apardı. Ağa Hüseyn bir dövlətmənd şəxs idi. Iranla böyük xüşkəbər alışverişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü. Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal dolanırdılar. Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini gün-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik edib deyirdi ki: mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm. Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb, bir az da ixlas və iradətini ona artırdı. Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-İki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb satıb mənfəətini onun pulunun üstünə qoyurdu. Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə Iran səfərinə aparsın və İki gündən sonra yola düşəsidilər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər. Səfər günü Xəlil əmisi kəlləpəz Imanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı. Xəlil Ağa Hüseynlə bahəm varid oldular Iran torpağına. Ağa Hüseyn cəmi xüşbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi: – Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir Irana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. Xəlil, Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi. Lazım olan qədər xüşkəbər alıb ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan? Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi: – Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq. Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi: – Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni Irana tək alış-verişə göndərəcəyəm. O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə Iran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı. Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi: – Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alışveriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alışveriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən. Xəlil cavab verdi ki: əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki İndiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək. Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi: – Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi o saat azıb yolundan çıxardı. Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır). Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi. Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti yox idi. Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş İki min manat pul düşdü. Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı Iranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil Irandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr öləndə iki böyük evi və milyondan ziyada pulu var idi. Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi: – Bala, Əkbər, yaxınıma gəl. Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi: – Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünya görmüş və səni İki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəkməzsən. Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dİkib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu İndiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar. Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın” – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya sakit ol, dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm: deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir. Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan. Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən! Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti qurtarmış çıraq tək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu. Hacının evindən nalə bülənd olub, məhəllə əhlinə onun vəfatını bildirdi. Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş və əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola: Dövləti-cavid yaft hər ki, nigunam zist, Kəz əqəbəş zikri-xeyr zində künəd namra. II Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi. Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə. Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi. Əkbər, yoldaşının bu neçə ildə harada olduğunu sual elədi Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz. Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb bir-İki qullab alıb dedi: – Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağanı Allah saxlasın”... birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında görmüşəm, sən görəsən Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur. Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi: – Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs biriki dəfə kafeşantan sözü dedin, o nə deməkdir? – Kafeşantan, yəni xurma çuvalı... xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!” Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən key büvəd manəndi didən”. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq İki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən özümü öldürəcəyəm. Atam min manatı göndərib, sonra da bir kağız yazmışdı ki, Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər. Eşitmək hara, görmək hara! “bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi! İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alışveriş elərəm ki, bir tacir bacarmıya. Xülasə... Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü. Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”. Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu. O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski Borc prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, İndiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm. Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma İndi ki belədir, deyərsən:“Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”. Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi. Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə də verdi ki, tez qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhab tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm. Rüstəm dedi: – Heç danışma, sənin borcun itaətdir. Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və İki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi: – Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim. Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi: – Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur. Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyat mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, İki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə, Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbr yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onun orada dəfn etsinlər. Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətin balaca uşaqsan: qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır. Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb İki piyalə şərab töküb birini özü alıb, birisini Əkbərə uzatdı, dedi: – Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən! Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və İkincisi bu xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb üzün Əkbərə tutub dedi: – Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!. Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti-şirin”. Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol. Bu acı piyaləni şirin əldən al. Əkbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına çəkdi. Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətİndir. Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi: – Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol! Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi: – Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana. Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı. Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Kərbəlayı Qulaməli də İki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur. Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü anası onun yalanının anlayıb dedi: – Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən! Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-İki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, kərbəlayı, deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr. Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər. Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib. Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi. Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı. Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi. Bir-İki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzaını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi. Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dİndirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi. Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib. Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur İki aydır ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir. Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu. Rüstəm bir-İki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi. Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər İkisini öldürdü və oradan gedib özünü divana təslim etdi. İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib. Soruşdum: – Kərbəlayı, sən hara, bu yerlər hara? Dedi: – Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar. Dedim: – Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir? Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu: – Gördün? Dedim: – Gördüm, Kərbəlayı, bunu haraya aparırlar? Dedi: – Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm. Dedim: – Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən? Dedi: – Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm. Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi: – Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın. Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü: “Ba bədan yar gəşt həmsəri-Lut “Bu bədan yar gəşt həmsəri-Lut Xanəndani-nübüvvətəş güm şüd” Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi. * * * Ayın şahidliyi Ey gahi qədim kimi xəmidə, Gahi pür olan misali-didə. Füzuli Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi. Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlumməzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular. Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, üy qalxızıb səs salanın başı gərək kəsilsin! Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi. Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi: – Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olmasaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim: Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar. Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndialəm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”. Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!” Səlman dedi: “Belə olan surətdə izn ver İki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm. Səlman İki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”. Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı allah yerdə qoymayacaq”. Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü. Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər. Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi. Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi. İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm. Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”. Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı... Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”. Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah... Nə olaydı bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım. Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət budur ki, burada bölünüb İki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani- Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar... İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma İndi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..” Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyf edib dedim: nə olardı bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim. Ax, nə gözəl olardı, bu Ay danışsaydı!.. * * * Xortdanın cəhənnəm məktubları BİR NEÇƏ SÖZ “Cəhənnəm məktubları” adlandırdığım bu əsərim “Marallarımın” mabədi olaraq, bir para mənfi tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir. Cəhənnəmin təsviri, şöbələri və şöbələrinin adları, günahkarlara olan cəzaların növləri – heç birisi xəyali deyil. Hamısı “Tənbihülqafilin” və o qəbil sair cəhətlərdən götürülmüşdür. Bu əsəri yazmaqdan məqsəd mövhumatın avam türk xalqının başında nə dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi. Mədinənin ətrafında peyda olan əjdaha və Adəmlə Həvvanın Xənnası yedikləri xüsusda yazılanı oxuyanlar deyəcəklər: “Bu, müsənnif tərəfindən böhtandır”. Sizi inandırıram ki, bu, böhtan isə də, müctəhidlərin kitablarında yazılıbdır. Qara camaat arasında İndi də baqi qalan bir para mövhumi adətləri göstərmək, məsələn, pirlərə inanmaq, qudurmuş it tutanda təbib əvəzinə topal seyid yanına getmək, habelə camaat arasından götürülməsi vacib olan adətlərdən danışmağı həmçinin lazım bildim. Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır. Amma bu əsərdə “cəhənnəm” sözünü “mənfi tiplər” cəmiyyəti mənasında düşünməlidir. Ə. H. Müqəddimə Əmma raviyani-əxbər və naqilani asar və tutiyani-şəkkər-şikənü şiringöftar camiülhekayatda kimdən ərz eləsinlər? Bəndədən. Bəndeyi-həqirü fəqir, əqəlli-külli-bəndəgan müləqqəb be “Xortdan” bir günü kəştiyi-xəyalatda əyləşib dəryayi-təfəkkürdə seyr eləyirdim və dünyanın keçmişini və gələcək işlərini bir-bir xəyalımdan keçirirdim. Nagah xəyalıma cəhənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəldi ki: “Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyub- Guya şeytanın oğlu imiş san? İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yer üzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığına gedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?” Bu sədanı eşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəri başımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir “ismi-əzəm” oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya Iskəndəri-Zülqərneynlə zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasını səyahət edib və Avropaya İndi də məlum olmayan günbədidəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür. Mən bu adamların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm. Oraya İndiyədək milyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindən bir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də. Bu yerdə məni bir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? Insan gərək ölsün ki, cəhənnəmə getsin. Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi. İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var. Bizim şəhərimizdə Musa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Yetimlər böyüyüb ondan hesab istəyəndə deyirdi: “Bala, qəbiristana gedən ölü dala qayıtmaz”. Ondan bu söz bizim şəhərdə zərbülməsələ olubdur. Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçə illiyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan. Yenə gördüm xəyalımdan səs gəldi: “Naümid olma, Xortdan! Naümid şeytandır ki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa, orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur. O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar”. Bu səsi eşidib, özüm də “axtaran tapar” deyib Yevlax mövqifinə rəvan olub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək. Dedilər: – On beş ildən sonra bəlkə gedə. Dedim: – Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir. Dedilər: – Onla gərək faytonla gedəsən. – Çox gözəl, – deyib faytonçu çağırdım. Yəni əslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir, işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi, dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım: – Bala, faytonun sazdımı? – Belə faytonum var ki, avtamabel onun yanında heçdir! – Məni Şuşaya neçəyə aparacaqsan? – Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin çənə-bazarla da aran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm... – Əlbəttə, qurtaran söz yaxşıdır. – Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram... – Məni nə vədə Şuşaya yetirərsən? – Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan. – Yəqin? – Bəlkə bir az da tez... Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saat ona şəkkin olmasın. – Xub, get qoş, gəl. Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırım kimi stansiyaya tərəf çapır. Çıxıb əyləşdim. Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətlə yola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminən iki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə. Gördüm bu yerişlə İki günə məni mənzilə aparıb çıxartmayacaq. Dedim: – Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxt Şuşaya çatacaqsan? Bu dəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi: – Vaxtında çatarıq. Beş saatdan sonra “Bərdə bazarına” varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır. Bərdə bazarında gördüm aclıq mənə əl verib, faytonçudan xəbər aldım: – Burada çörək yeməyə bir yer tapılmayır? Dedi: – Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var. Orada nahar eləyə bilərsən. Restorana tərəf gedib, gördüm qapının ağzında İki dənə samovar qoyublar, rəngləri qapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər? Faytonçu gülüb dedi: – Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir. Təəccüb eləyib restorana daxil oldum. Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənarda kürə qurulub. Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx sinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampa kəndli ilə mübahisə eləyirdi: – Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram. Pavestka gətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi, budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub haraya gedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənim balalarımın cavabını sən verəcəksən. Hampa deyir: – Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu, inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başım yarılsın. Məgər mən işin olanını deməmişəm? Soruşdu: uçtel haraya gedib, mən də dedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərs gətirməyə? – Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məni çıxartmağa çoxdan bəhanə axtarırdı! – Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm. – Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllim gəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə, nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndən sonra gələni necə yola aparacaqsınız! Mən heyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim. Bunları mübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib. Mən nahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı. Axır müəllim nəlbəkiyə bir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi və ocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutub dedi: – A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Bircə qulaq as, gör mənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir. Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir, İki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy, haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə. Bir gün bir neçə ağsaqqal yığılıb getdik işkolaya ki, görək “dərs gətirmək” nəyə deyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı: – Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib, sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdan sonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına bir az qalmış “Qarğa dolanmaza” çatdım. Sürdüm birbaş Çərkəz bəyin qapısına. Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər. Özümüz getdik otağa, əyləşdik. Çərkəz bəy dedi: – Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm. Dedim: – Mən ov ətindən dolma eşitməmişəm. Dedi: – Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızı bağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm. Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngi götürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarın yarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm. Yanında da yaxşı təzə qatığı. Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıb günortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım... Xülasə, uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonra üzünü tutdu uşaqlara: – Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər? Uşaqlardan bir neçəsi barmaq qaldırdılar. – Qeydarov, söylə görək. Uşaq durdu ayağa: – Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana... – Nə günü idi? Uşaq dayandı. – Qasanov, sən de! – Mirzə, şənbə günü. – Hə, barakallah! Qeydarov, dalını söylə! – Şənbə günü... Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz. iki saatdan sonra gördünüz ki, atını göndərib. – Kimnən göndərib? – Öz nökərinən. – Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm. Bu növ uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər. Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, İki həftədən sonra təzə dərs gətirirdi!.. Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdan çıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölük çoluqçocuğu var, yazıqdır! Çığırtmanın pulunu verib çıxdım. Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm fayton qoşulub. Minib yola düşdük. Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içində tikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaq nə qədər baxdım, kəndi görə bilmədim. Faytonçu burada dayanmayıb adladı. İki saat sonra yetişdik Qərvəndə. Burada faytonçu faytonu karvansaraya sürüb dedi: – Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan. İnşallah gecə yarısı, Ay doğanda yola düşərik. Qərvənddə camaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını... dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur. Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediklərinə görə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on İki oğlu da səf çəkib, qulluğunda durub onun əmrini gözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib. Faytonçudan nömrələrin yerini xəbər aldım, qabağa düşüb dedi: – Buyur! Məni İkimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı divara, dedi: – Nömrə lazımsa buyurun, çıxın yuxarı. Soruşdum ki: – Məgər bu nömrələrin yolu yoxdur? Dedi: – Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanı götürürük. Yadıma Tiflis düşdü. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adı da Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndi var idi və İki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özü də sərtib xaric əz fevc idi. Qolovinskiyə çıxanda paqonları gün kimi parlayırdı. Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm və axırda da aramızda bir dostluq əmələ gəlmişdi. Tiflisdə onun bir işi yoxdu. Məhz bir qədər kef aparmaq üçün buyurmuşdu. Özü buyururdu: – Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüd qalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik. Mən hər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə də saat İkidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim. Bir sübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir: – Befərma! Daxil olub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğri papaq, ağlayır: – Xan, nə vaqe olub? – Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımı qoyublar. İstefaya çıxmış miralay deməkdir. Tiflisdə adlanan böyük bir küçədir Buyur Yumurta şəklində, dəridən olan İran papağı Qayıdıb evdən öz libaslarımdan bir dəst gətirib xana verdim. Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi: – Mən Qolovinskidə paqonsuz görünə bilmərəm. Əgər Tiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənzilini yarmazdılar. Yuxarı mərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrin birində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər: – Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçək çıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir. Bu da mənim çox xoşuma gəldi. Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəf yola düşdüm. Üçdörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu, Ağdam bazarı idi. Ağdam bazarı böyük bir meydançada vaqe çargül tİkilmiş, içərisi, çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar. Bir yanda çuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır. Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançıların da alış-verişləri öz qaydası ilə. Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen. Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq. Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar. Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindən qalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir. Məsələn, orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona borcludurlar. Puluna da ildə altmış faiz alır. İndi yuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-iman oldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən də xəbər aldım. Dedilər ki, hacı burada hiyleyişəriyyə eləyir. Hiyleyi-şəriyyə Həzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahiş eləyən oxuya bilər ki, xudavənditəbarəkə və təala Həzrət Əyyub əleyhissəlamı imtahana çəkmək istədi. Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəni yara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrət ancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbi tutub buyurdu: – Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım gün sənə yüz çubuq vuracağam. Həzrət imtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəf etdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü. Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərə aldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandan qəsəm yad eləmiş olardı. Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməl edib həqiqətdə arvada yüz çubuq vurdu. Hiyleyi-şəriyyə budur. İndi görək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir. Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir: – Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz? Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır. Hiyleyi-şəriyyə belə də olur: Məsələn, bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manat mədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada da hiyleyi-şəriyyə imdada gəlir. Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüz manata qiymət edib, anasının südü kimi yeyə bilər. Mənim məqsədim bu məsələlərdən söhbət etmək deyil, əgər durub hiyleyi- şəriyyədən, həmli-bərsihətdən bəhs açsaq, böyük bir kitab yazmaq məcburiyyətində olarıq. Əgər Ağdamın hamı hacılarından və kərbəlayı-məşədilərindən, seyidlərindən, kəndlər arasında olan qurtarmaz və tükənməz müharibələrdən söhbət başlasaq, gərək bir il burada oturaq. Mən yol adamıyam, işim var. Odur ki, Ağdamda dayanmayıb, faytonu qoşdurub yola düşdüm. Bir-iki verst getmişdik ki, “Nəsirbəyli” adlı bir kəndin qabağında bir nəfər müsinni kişi əl eləyib faytonu dayandırdı və yavaşcadan nə dedisə, faytonçu üzünü mənə çöndərib dedi: – Bu kişi mənim dayımdır. Şəhərdə vacib işi var, izn verin yanımda əyləşdirim. Cavabında dedim: – Sənin dayın mənim yanımda da əyləşə bilər. Bahəm söhbət edə-edə gedərik. Təklik də mənə əl verməz. Kişi: – Çox sağ olun, – deyə əyləşdi yanımda, yola düşdük. Bununla adi yol söhbətlərindən başladıq: “Gəlişiniz uzaqdandırmı? Şəhərə buyurmaqda xeyirdimi” və i.a. Axırda bir-birimizin adını xəbər aldıq. Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var və hər bazar günü Ağdama gəlib gedərdi. Bu, bir söhbətcil arif adam idi və danışığından əhli-savad olduğu da anlaşılırdı. Bir qədər getmişdik. “Qarahacılı” deyilən bir yerdə bir qoca kişiyə çatdıq. Təqribən altmış yaşında, qırmızısaqqal, sinəsi açıq, başına papaq əvəzinə yaylıq bağlamış, qabağında bir yüklü uzunqulaq yavaşyavaş gedirdi. Bu kişi dönüb bizə baxıb, Məşədi Səttara salam verdi. Məşədi xəbər aldı: – A Məşədi Səfər, haradan gəlirsən? – Burada dəyirmana bir-iki pud buğda aparmışdım. Üyüdüb kəndə qayıdıram. – Əhvalın necədir, ev-uşaq salamatdırmı? – Nə əhval, ay məşədi? Əhvalım budur ki, görürsən. Qoca vaxtımda görəcəkli günlərim var imiş. Bir vaxt var idi sənin kimi qonaqların Şəriətdə bir hökmdür, murdardan və haramdan uzaq olmaq deməkdir. iyirmisi qapımdan girərdi. Xəcalət çəkmirdim. İndi... Özün görürsən. İndi, budur, səni görüb xəcalətimdən istəyirəm ki, yer ayrılsın, girim içinə. Mən Məşədi Səfər olam, sən gəlib mənim evimin yavıqlığından ötəsən, mən də səni yoldaşınla bir yerdə aparıb evimdə bu gecə qonaq saxlamayam? Bu mənim üçün ölümdən bədtərdir. Faytonçu atları tərpətdi. Biz də Məşədi Səfərlə “xudahafiz” edib onu dalda qoyduq. Məşədi Səttar üzünü mənə tutub dedi: – Bu kişi varlı-hallı bir adam idi. İldə bir-İki dəfə Şiraza gedib, oradan neçə yük papaq dərisi gətirərdi. Yaxşı da qazanardı. Bunun evini yıxıb bu halətə salan İmam oldu. Mən təəccüblə Məşədi Səttarın üzünə baxdım. Məşədi Səttar dedi: – Təəccüb eləməyin, mənim sözümün canı var. Bu saat söyləyim. Siz yəqin çox eşidibsiniz. Bir adamın o birisinə acığı tutanda deyir: “İmam başına daş salsın, İmam evini yıxsın, İmam balalarını yetim qoysun”... Hakəza. İndi qulaq verin. Bu bədbəxt oğlu, hər il məhərrəm ayında yeddi gün İmam ehsanı verərdi. Boynuyoğun mollalar, tacirlər, seyidlər, nə bilim kimlər hər gün gəlib yağlı plovdan basırdılar. Nə qədər buna mənasız xərc vururdular. Buna “İmam evini yıxsın” deyirlər, ya yox? Axır kasıb düşüb evini satdı. Evi də yaxşı ev idi; bilmirəm nə qədər pul aldı. Cibində pulun cınqıltısını eşidib dedi ki, gərək gedib ağamı ziyarət eləyim. Bir böyük ziyafət verib təntənə ilə Məşhəd səfərinə getdi. Elə ki ziyarətdən qayıtdı, baxdı gördü pullar xərclənib, ev də satılıb. Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Axırda şəhərdə qala bilməyib, arvad-uşağını götürüb o, dağın ətəyindəki kəndə köçdü. Orada bir dükan açıb, təpik vursan uçar. İçində on beş manatlıq mal yoxdur. İndi buna “evini İmam yıxsın” demək olar, ya yox? Özü öləndən sonra da balaları yəqin dilənəcəklər. Buna “İmam balalarını yetim qoysun” demək olar, ya yox? Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında “Qarqar” deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstünə diklənibdir. Gendən baxanda guya bir bayquş qanadlarını çayın kənarlarına sərib, çaydan su içməkdədir. Məşədi Səttar dedi: – Bu hasara Əsgəran deyərlər. Gərək eşitmiş olasınız. Dedim: – Çox gözəl eşitmişəm və oxumuşam... Bu mənhus hasarın 1905-ci sənədə oynadığı rol cəmi dünyaya məlumdur. Bu, İki qonşu və qardaş milləti bölən bir səddir. Nə qədər bu hasar durub, buna baxan türklərin və ermənilərin yaraları təzələnəcək. Ixtiyar mənim əlimdə olsaydı, bu hasarı, qədim hasardan olmasına baxmayaraq, kökündən qazardım. Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri baxanların yadına gətirməyə. Əsgəranı adladıq. Bir də baxdıq, bir nəfər qırmızısaqqal, uzunboylu, arıq kişi, özü kimi bir arıq yabının belində, tərkində xurcun, atılaatıla gəlir. Yavıqlaşıb Məşədi Səttara salam verib keçdi. Məşədi Səttar dönüb dalınca bir qədər baxıb dedi: – “Evlərini İmam dağıdanların” biri də budur. Amma bu hamıdan qoçaq çıxıb. Özünə bir çörək pulu yaradıbdır. Qulaq asın bundan sizə bir az söhbət eləyim. Dedim: – Buyur. – Bu kişinin adı Məşədi Seyfulladır. Ağdam bazarında dükanı var. Yaxşı evi də var, qonaq gələnə plov da verir. Bu da o biriləri tək varyoxunu xərcləyib, Məşhəd ziyarətinə getmişdi. Gələndən sonra bir az bikar gəzib, arvadının ətəyinin pullarını satıb bir dükan açdı. İlk günü dükana qoyduğu malın qədəri nə artır, nə də azalır. Hər kəs bunun dükanına bir dəfə getsə, onun malının siyahısı həmişə yadında qalar. Mən ərz eləyim: on girvənkə yağ, bir düjün karandaş, bir banka zoğal mürəbbəsi, İki qutu cövhər, on girvənkə qənd, bir parça mal piyi, beşaltı ədəd qalay çay qaşığı, bir şüşə sirkə, bir-İki kələf yezd ipliyi, bir pud ağ neft... Xülasə, baxan deyirdi ki, buna on beş manat verən olsa dükanını bağışlayıb çıxıb gedər. Bununla belə, bunun işlərinə baxın. Məşhəddən təzə qayıtmışdı. Hələ heç kəsin bunun xəspuşlanmasından xəbəri yox idi. Hamı onu varlı hesab edirdi. Bir gün Ağdam bazarına gəlib, xalqı başına cəm edib, bunlara Məşhəd yolunun ağırlığından və bu ağır yolu zəhmət çəkib getməyin savabının ntəhasızlığından, daşların dığırlana-dığırlana ziyarətə getmələrindən söhbət edirdi. Azərbaycanlıların. Məşədi and içirdi ki, İmamqulular adlanan bir mənzilə gəlib düşmüşdü. Gördü karvansaranın qapısında böyük qara daşlar yan-yana düşüb. Karvansaranın dərbanı nağıl etdi ki, bu daşlar bu gecə buraya gəliblər; ziyarətə gedirlər, sabah durub bunları burada görməyəcəksiniz. – Sübh, – deyir, – durduq, gördük, həqiqət, o daşlardan bir nişanə yoxdur. “Çinaran” adlanan mənzilə gəlib haman daşları orada gördüm... Məşədi camaatı inandırmaq üçün neçə dəfə getdiyi İmama and içdi. Camaat da ağızlarını ayırmış onun söhbətlərinə qulaq verib, peydərpey salavat çevirirdi. Qalaq asanların hesabı artdı. Bunu görüb məşədi dedi: – Camaat, bu saat mənim evimdə bir seyid qızı əyləşib. And olsun gedib üzümü sürtdüyüm qəriblər şahına, bu saat onun əynində libası yoxdur. Mən öz tərəfimdən on manat verirəm. Sizin də kərəminizdən nə gəlir, müzayiqə etməyin. Məşədinin söhbətindən ürəyi yumşalmış camaat başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm olub məşədiyə vüsul oldu. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş. Heç kəsə onun arvadının seyid qızı olduğu məlum deyilmiş. Sübh evdən çıxanda məşədi arvadına əmr eləyir ki, o, bazardan qayıdınca libassız əyləşsin. Bu da onun üçün imiş ki, məşədinin andı yalan olmasın. Bundan da sonra özgə bir mədaxil yolu tapdı. Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. O saat atını minib gedib oraya. Içəri daxil olub, başlayır hönkürtü ilə ağlayıb başına vurmağa: – Əlimdən gedən qardaşım vay! Ümidim vay! Belimin dayağı vay!.. Habelə... Üç gün yaxa açıb təziyədar olur. Üç gündən sonra mərhumun ailəsinə sərsəlaməti verib deyir: – Daha mən getdim. Dükanım sahibsizdir. Ancaq bir iş var, deməyə xəcalət çəkirəm. – Nə iş var, məşədi? Buyur! – Yox, qalsın, bir ayrı gün danışarıq. – Axır genə, de görək nədir? – Gərək mən söhbəti açmayaydım. İndi ki bir səhv elədim, gərək deyim, rəhmətliyin mənimlə bir xırdaca hesabı var. Keçmişdə mal apa- rıbdır, bir əlli manat qalıbdır. Mən bir söz demirəm, istəmirəm də. Istəyirsiniz mərhuma halal eləyim. Ancaq deyirəm ki, biləsiniz. Mərhumun varisləri bir-birinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüğlizimmə eləmək istəməyib pulları verirlər. Bəzən oxu daşa da toxunur: mərhumun varisləri görürsünüz ki, deyirlər: – A məşədi, sənin sözünə inanmamağa haqqımız yoxdur, məşədi kişisən, səndə yalan olmaz. Ancaq nisyə mal almaq mərhumun adəti deyildi. Bir il çılpaq qalmağa razı olardı, üç arşın nisyə qədək almazdı. Cavabında məşədi deyir: – Nə etməli, siz vermirsiniz, mən də istəmirəm. Pul deyəndə əl çirkidir, rəhmətliklə iyirmi il duz-çörək yemişik, qurban olsun o duzçörəyə. Bunu deyib varisləri şübhəli qoyub atını minib, çıxıb gedir. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Bu məşədinin peşəsi budur. İndİki dükanı boşdur, gedib ölü sahiblərindən pul istəyəndə deyir: – Parçanı mərhum mənim qonşumdan alıbdır. Yanında pul olmayıb, mən vermişəm. Bu yaxında “Xocalı” adlanan bir kənd var. Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir. Məşədi yəqin onun təziyəsindən gəlir. Görəsən varislərindən nə qədər çırpıbdır. “Xocalı” çayını və “Çaparxana”sını keçib bir səhraya çıxdıq. Yolun altında və üstündə nizamla düzülmüş “Tökmə təpələr” var idi. Məşədi Səttar nağıl etdi ki, bu təpələr də qədim hasardandır. Burada qədim zamanda Sultan Səlimlə Şah Ismayılın arasında böyük müharibələr olubdur. Bir az getmiş gördük ki, bir nəfər şəxs bir kürən atın belində yel kimi gəlir. Atın ayaqları guya yerə dəyməyirdi. Yaxınlaşıb, salam verib, güllə kimi ötüb keçdi. Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur; yol üstüdür, bundan da bir qədər sizə nağıl eləyim, vaxt keçsin. Dedim: – Buyur. Məşədi başladı: – Bu şəxsin adına Hacı Mehdi oğlu Əsgər deyirlər. Atası buna böyük sərvət qoyub getmişdi. Sərvətin çox yarısını dost-aşna yolunda xərc etdi. Qış fəslində az gecə olardı ki, bunun evində neçə nəfər qonaq plov yeməsin. Bahar fəslində hər həftə dost-aşnalarını şəhərin ətrafındakı çay kənarlarına, meşələrə, bulaqlara, “Turş su” deyilən yerə qonaq çağırıb, xanəndə və nəvazəndələrlə onlara kef verərdi. Bir dəfə dost-aşnasına xəbər verdi ki, hamısı cümə günü ona, aşırma plova qonaqdırlar. Biz çox fikir elədik ki, “aşırma plov” bu nəyə deyir, bir şey anlaya bilmədik. Axşam cəm olduq onun evinə. Adama bir-İki stəkan şirin çay içib bir qədər söhbət edəndən sonra hər İki adama bir məcməyi plov gəldi və hər məcməyidə İki ədəd kəklik ayaq-ayağa bağlanıb plovun üstündən aşırılmışdı. Aşırma plov bu imiş. Qalan dövlətinin də axırına Irandan gəlmiş bir dərviş daş atdı. Dərviş elmi-kimyada məharət yetirdiyinə bunu inandırıb və hər mədəni döndərib qızıl eləmək sirrini bildiyini söyləmişdi. Bu bədbəxt oğlu aldanıb dərvişi gətirib saldı evinə. Əlində olan mayanın hamısını kürədə yandırandan sonra, bir səhər durub dərvişi qaçmış gördü. İndi bunun Ağdamda bir xırdaca dükanı var, oturub alış-veriş eləyir. Hər nə qazansa dost-aşna yolunda xərc eləyir. Əgər bir nəfər onun axırıncı köynəyini istəyə, yəqin çıxardıb verər. İndi bundan sizə bir hekayə nağıl eləyim. Bizim Ağdam bazarını gördünüz. Tühaf bir bazardır. Orada bu bazardan o bazaradək tamam bikarçılıqdır. Alış-veriş nüdrətən olur. Bəlkə bir yerdə ölü düşə, kəfən, sidrü kafur üçün bazara gələn ola. Dükançılar dəstə-dəstə o dükanda, bu dükanda yığılışıb, boş söhbətlərlə vaxt keçirirlər. İttifaqən, Bakıdan, Tiflisdən, ələlxüsus Moskvadan tacirlərin biri qayıdıb gələndə bazarda bayram olur. Neçə günlərlə bədbəxtlərə rahatlıq verməyib, hər gün başına cəm olub, onu gördüyündən, eşitdiyindən, gedib gəldiyindən danışdırıb qulaq asırlar. Haman buradan atlı keçən oğlan birdən bazardan yox oldu. Tamam İki həftə dükanı bağlı qaldı. Sonra məlum oldu ki, Qazax qəzasında bir nəfərdə “Diliboz” cinsindən bir atın sorağını eşidib, onun dalınca gedibdir. Haman atdır ki, İndi altında idi. İki həftədən sonra bazar adamı bunun qayıtdığından xəbər tutub, bir-birlərinə söz verdilər ki, Hacı Mehdi oğlundan haraya getdiyini və bu İki həftənin ərzində nə yerlərdə gəzdiyini bir nəfər xəbər almasın. Guya ki, o, buradan heç bir yana getməmişdi. Əsgər gəlir bazara. Dükanların qabağında dolanır. Ancaq bir dükançı buna etina eləməyir. Salam verir. Salamını soyuq bir halda alıb, yenə işinə məşğul olur. Əsgərin bağrı çatlayır. Necə ola bilər ki, bu, bir belə zəhmət çəkib gedib “Diliboz”lardan at gətirsin, amma bunu bir adam xəbər almasın! Bir də baxır, görür, bir dükanda beş-on nəfər dükançılardan cəm olub söhbət eləyirlər. Birbaş yanaşır oraya: – Salaməleyküm. – Əleykəssalam, ağa Əsgər, niyə əyləşməyirsən? Əsgər əyləşir. Camaat öz söhbətində davam eləyir. Əsgər nə qədər gözləyir ki, bütün bu müddətdə harada olduğunu bir xəbər alan olsun. Ta o da nə növ gedib gəldiyini söyləsin. Bunun əvəzində dükançılar hər biri bir bəhanə ilə durub dağılmağa üz qoyurlar. Birisinin dükanı sahibsiz qalıb, birisinin namazı keçir, birisi axşam yeməyi üçün tədarük görməyibdir, birisi poçtla gərək pul barat eləsin. Xülasə, bir-bir durub gedir, Əsgəri dükan sahibi ilə bir yerdə qoyurlar. Dükan sahibi isə dəftər-çotgəni çıxarıb hesaba məşğul olur. Əsgər bir qədər əyləşib qalxır ayağa. – Xudahafiz! – Xudahafiz, ağa Əsgər! Bunu deyib dükançı yenə başını aşağı salıb məşğul olur. Əsgər məyus qayıdır öz dükanına. Dükançılar bununla bir neçə dəfə belə rəftar edəndən sonra Əsgər əhvalatı duyur. Bir dəfə yenə görür ki, bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Durub yavaş-yavaş o tərəfə yönəlir. O biri dəfələr tək dükançılardan biri qalxıb deyəndə ki: – A kişi, yaxşı yadıma düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu verim. Əsgər ondan cəld qalxıb, əbanın altından beşaçılan tüfəngi çıxardıb, patronlayıb dedi: – Əyləş yerə! Yoxsa odladım! Hər kəs yerindən qalxsa, atamın oğlu deyiləm cəmdəyini yerdə qoymasam! Hamı susub sakit əyləşdi. Əsgər dedi: – İndi qulaq verin. Bir nəfərdən xəbər tutdum ki, Qazax mahalında Rüstəm bəyin ilxısında “Diliboz” nəslindən bir at var ki, dünyanın yarısına dəyər... Burada Əsgər İki həftənin içərisində başına gələnləri, tüfəngi adamlara tərəf tutmuş nağıl eləyib qurtarandan sonra dedi: – İndi mən sözümü qurtardım. Hər kəsin harada nə işi var isə buyurub gedə bilər. Camaat gülüşüb xəbər verdilər ki, heç kəsin heç yerdə işi yoxdur. Hamı avaradır. Elə məhz onunla şuxluq eləmək istəyirdilər. Gecə saat on İkiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi. Ətrafda xarabalıqdan savay bir şey yoxdu. Səbəbini xəbər aldım. Məşədi Səttar gülüb dedi: – Burada şeytan özünə doqquz gün, doqquz gecə toy elədi. Şəhərin evlərindən məşəllər qayırmışdılar. Gecə-gündüz tüfəng səsləri kəsilmirdi. Hətta şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin içində top da atırdı. Toy çox şükuhlu keçdi. Camaatdan da çox qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən xata çıxmasa olmaz. Dedim: – Doğru buyurursan. Faytonçu soruşdu: – Hara düşəcəksən? Dedim: – Təbrizli Mirzə Qoşunəlini tanıyırsan? Dedi: – Mirzə Qoşunəlini Qarabağda uşaqlar da tanıyır. – Onda birbaş onun evinə sür. – Baş üstə. Neçə dəqiqədən sonra fayton bir həyətdə dayandı. Bu, Mirzə Qoşunəlinin evi idi. Qapı açıldı. Gödək boylu bir adam başını çölə çıxardıb xəbər aldı: – Kimsən? Cavabını faytonçu verdi: – Qonaqdır. Tiflisdən gəlir. Sizlə işi var. – Buyursun, buyursun! Mirzə pilləkəndən aşağı enib, özü qabaqca mənə salam verdi: – Salaməleyküm, siz çox xoş gəlibsiniz. Buyurun içəri. Faytonçunun haqqını verib, Məşədi Səttarla vidalaşıb, mirzənin dalınca daxil oldum mənzilə. Mirzə yer göstərdi: – Buyurun, əyləşin. Yəqin yol sizi yorubdur. Samovar da hazırdır. Çay içmək mənim üçün bir azar olubdur. Sübhdən gecə yatıncaya qədər gərək mənim samovarım qaynasın. Içdiyim çayın hesabını da bilmirəm. Deyirlər çay nədir, say nədir. Mirzə İki stəkan çay töküb birisini mənim qabağıma, birisini də əyləşib öz qabağına qoydu: – Sizin təşrifiniz həmişə Tiflisdə olur? – Bəli, Tiflisdə oluram. Ancaq səyahəti xoşladığımdan, başqa şəhərlərə və vilayətlərə də gedirəm. – Əlbəttə, səyahət çox gözəl şeydir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. – Həqiqət düz buyurursunuz. Amma necə ki mən eşitmişəm, sizing elminizə heç bir səyyah çata bilməz. Mən Qafqazın hər bir şəhərində sizin tərifinizini eşitmişəm. Yəqin siz Tiflisdə Ağ Mollanı tanıyırsınız. – Xidmətlərinə çata bilməmişəm, amma bələdiyyətim var, alim adamdır. – Sizin tərifinizi mənə o söylədi. Mən bir müşkül işə düşüb, oradan buraya xidmətinizə gəlmişəm. Niyyətimi açıb mirzəyə söylədim. Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonra dedi: – Bu gecə burada yatarsınız, axşamın xeyrindən isə sabahın şərri. Səhər kitabları töküb dürüst baxaram, ümidvaram əlac tapıla. Çay içib, bir qədər o yan-bu yandan söhbət elədik. Mən xəbər aldım: – Mirzə, siz çoxdanmı Qarabağdasınız? – Bəli, mən anadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizi deyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, Iranın qanununa binaən, təxti-səltənət naibüssəltənə fərmanfərmayi- məmləkəti- Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi. Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıb Tehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, Nəsrəddin Mirzə təxtisəltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. Nəsrəddin Mirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlər və onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcək üstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi “Fitilbörgə” və birbaş getdi imperator Birinci Nikolayın yanına. Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağına icazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin edib, Rusiya şəhərlərindən birisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab bu Şuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allah atanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanın katibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və o kitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm. İçəri otaqla bizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyi fisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özü qabları götürüb içəri apardı. Şamdan sonra yenə adama bir stəkan çay içdik. Orta qapı açıldı. Oradan İki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşək otağa qoydu. Mirzə özü qalxıb mənim üçün yer salıb dedi: – Gecəniz xeyrə qalsın, yatın, rahat olun, sübh danışarıq. Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsi məni oyatdı. Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmiş görüb, təəccüblə xəbər aldı: – Siz əcəb sübhxiz imişsiniz! – Bəli, adətim belədir, – dedim. – Bəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz. Mirzə dedi: – Çox gözəl adətdir. Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar. – Düz buyurubdur. Belədir ki var. Çaydan sonra mirzə buyurdu: – Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik. Siz yatandan sonra mən gedib “Tənbihil-qafilin” kitabını açıb mütaliə elədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərc olunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heç bir kəs qəbləlmevt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənəni göstərir) filan ayın filan günündə (haman günü göstərir) adı “T” hərfi ilə başlanan bir şəhərdən, adı “Ş” hərfi ilə başlanan şəhərə, adı “Q” ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmi gedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünki cəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş “Cameül-dəvat” kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsin müvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq. İndi, ağa can, o nüsxə budur: Rübbisus – on misqal, 2. Əfüyun – on misqal, 3. Əfrəfyun – beş misqal, 4. Tiryak – dörd misqal, 5. Zəfəran – beş misqal, 6. Aqərqərha – beş misqal, 7. Zəncəfil – beş misqal, 8. Filfili-hİndi – üç misqal, 9. Əsəl – bəqədri-kifayə. Bu dərmanı on gün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz. Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan duaları oxuyaram. Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən burada bağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsiniz və orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz – cəhənnəm aləmində. Mən mirzədən xəbər aldım: – Cənab mirzə, buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq? Buyurdu: – Hər cadının təsiri qırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz. Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir. – Cənab mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq? – Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşin mənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günorta naharını da bir yerdə eləyəcəyik. Şəhəri bir qədər dolanıb, saat on İkidə azan səsi eşitdim, bir qoca kişi məkruh səslə azan oxuyurdu. Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim: – Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni, tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olur ki, özünüz üçün Tərxun kökü Hind istiotu Bal xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişə azanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilər dayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, İki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər. Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi: – Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi Isi, Həsəncə, Qaryağdı oğlu və sairələri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. Hamısı Allahdan üz döndəriblər. İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbul edərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır. Onun İndi yaşı həştaddan ötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canım ağzımdan çıxınca azan verəcəyəm. – Ona maaş nə verirlər? – Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir. – Üç manatla onun məişəti necə keçir? – Hacının özgə mədaxil yerləri də var. Birinci mədaxil hamamlardandır. Bizim hamamlar sizinkilərə oxşamıaz. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamların Iran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlman hamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqə bədənini isitsin. Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxil olub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüz adamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüz arvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindən qoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əl qalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu da azançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib hər yerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hər birisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir. Hacı Tağının ikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirənkəbirən, ünasən-zükurən hamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Hacı siyahını əlinə alıb, şəhəri dolanıb hamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadan sayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər. Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır. Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu. Səbəbini xəbər aldım, dedi: – O xoruza bu gün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur. Süfrə salındı. Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi: – Plovu inşallah axşam yeyərik. Axşam zamanı mirzə məni tək qoyub dedi: – Siz burada əyləşin, mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam. Axşam saat on radələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Bir az keçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi: – Buyurun, hazırdır. Bir qədər söhbət edib, plov yeyib yatdıq. Sübh durub mirzəyə yüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıb buyurdu: – Burada lazım olan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Mirzədən razılıq edib, yenə haman yolla Tiflisə qayıtdım. Tiflisdə Ağ mollanı tanımayan bir nəfər tapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamam cavanları tanıyırdı. Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərin hamısında sübhədək piano çalınıb, qızlar və cavanlar “matçiş” oynardılar. Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləri bağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır. Ağ Mollanı nəinki müsəlmanlar, tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Gələnlərin çoxusu qadınlardır. Kimisinin əri qaçıb – onu qaytarmaq istəyir, kimisi duldur – ərə getmək istəyir, kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı Ağ Mollanının duası ilə məramlarına çatmaq istəyirlər. Gecə evdə dincəlib, səhər getdim mollanın xidmətinə. Qəbul otağı qadınlarla dolu idi. Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəri çağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanın nədən və nə əczadan əmələ gəldiyini buyurmadı? Cavabında dedim: – Mənim yanımda əczaların adlarını bir-bir oxudu, ancaq unutmuşam. Çox əfsus edib buyurdu: – Bu dərmanın sirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusi bilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzənin xahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyi duaları oxuyaram. Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Siz görürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündə mənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin. Bir qədər danışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündən işə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim. Şənbə gününə dörd gün qalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarla vidalaşıb əyləşdim mənzildə. Şənbə günü səhər axund gəldi. Mən dərmanı çamadandan çıxartdım. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzıma qoymaq istədikdə axund dedi: – Dayan! Dayandım. Buyurdu: – Gərək bu saat gedib hamamda qüsli-cənabət edəsiniz. Hamamdan çıxıb dalınıza baxmayaraq evə gələsiniz. Evdə İki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Mən də siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyi duaları oxumağa məşğul olaram. Hamamdan qayıdıb axundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu bir kilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı. Duanın adına “covşənkəbir” deyirdilər. Axund buyurdu: – Vaxtdır. İndi başlayıb dərmanı tənavül edə bilərsiniz... Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı. Bu halət xüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim. Müxtəsəri-kəlam, doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanı cəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbər elədim. Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdə hər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyab olsun. Mən söz verdim. Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimi qırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlib sandığı açsın. Axund buyurdu: – Vaxtdır, uzan. Itaət edib uzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi, məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəm səhrasıdır. Cəhənnəm Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəmin istisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plov yeyənlərdir. Isti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hərarətin artıqlığından mənim üçün irəli getmək mümkün olmayacaqdır. Birdən qulağıma bir səs gəldi: – Əyyühəlxortdan! Eşidibsən ki, “kafər bəcəhənnəm nəmirəvəd, kəşan-kəşan mibərənd”. Getməsən də aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən. Bu sözü eşidən tək başladım yeriməyə. Dedim: – Hərçi bada-bad! Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar. Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirat hamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə su onların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır. Xülasə, hər növ təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı. Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. Heyvanın ağzından, qulaqlarından və burunlarından alov dirəklənirdi. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: “Abi şurəst, çi qabiliyyət darəd, büdeh, berizəd bə guripədərəş”. Yazını oxuyan tək, kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar. Tanımayanlar var isə, vəzir Mirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar. Kişidən xəbər aldım: – Mərdəkə, burada nəmənə qayırırsan? Dedi: – Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər. Dedim: – Çox gözəl mənsəbdir, mübarəkdir. Sonra xəbər aldım: – Bu əjdaha burada nə qayırır? Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar. “Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna”. Dedi: – Qulaq ver nağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy od tutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, ins və cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar: – İlahi, yandıq. Yaratdıqlarına rəhmin gəlsin. Xudavəndi-aləm məxluqatın duasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun. Əjdaha yalvardı, ərz elədi: – Xudaya, mən nə günah eləmişəm? Qəzəbini mənim üstümdən götür. Əjdaha bir də baxdı ki, başının üstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir: – Ud cəhənnəmi, ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz! Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Əjdaha cəhənnəmi udandan sonra onun içərisi başladı alışıb yanmağa. Əjdaha ilan dili çıxardıb yalvardı: – Allah, yandım, mənə rəhm elə! Xudavəndi-aləmin əjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altı ayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəri çəkəndə payız və qış olur. Bir para sarsaq-sarsaq kitablarda yazırlar ki, nə bilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaq sözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən. Dedim: – Bəli, görürəm. Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəb açıb şəhərin uşaqlarına dərs verirdi. Axundun adını unutmuşam. Ancaq yadımdadır ki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözləri o büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş. Dalınca bir ah çəkib öz ürəyimdə dedim: – Ya Molla Həmmami-Zənanə, əgər qiyamətdə görüşmək müyəssər olsa, səndən halallıq istəyəcəyəm; çünki o vaxt tamam məsciddə cəm olanlar bir ağızla salavat çevirdilərsə də, mən şəkk elədim. Bu söhbətdən sonra odabaşıdan soruşdum: – Cəhənnəmə girmək olarmı? Dedi: – Bəli, bəli! Buyura bilərsiniz. Cəhənnəmin qapıları gələnin üzünə açıqdır. – Pasport, filan? Dedi: – Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur. Qapını açıb məni içəri saldı. Bəli, vasil olduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin. Cəhənnəm, nə cəhənnəm! Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoç döyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu, nə qoçular atışması... hamısı bu tamaşanın müqabilində heç yerindədir. Bu tamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib, yanından gözüyumulu ötər. Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər: – Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədyanı yazır. Cəhənnəm nədir, tamaşası nə ola? Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. Inanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır. And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir. Burada bir haşiyəyə ehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəs şəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm. 1. xan tüpürcəyi Qarabağ xanı İbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda “Yekəpər” deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imiş ki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtüb yazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandan adlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, it boğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergi verilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saat salamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanın vəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar. 2. topal seyid Bu şəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir; ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəm bizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasına getməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşının xoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər. Naxoşun qardaşı deyirdi: – Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarını Topal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzir verməklə salamatlığa çıxar. Elə də elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib. Təziyəsinə gedib, qardaşını məzəmmət elədim, dedim: – Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin. Dedi: – Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük şərtdir. 3. deşikli ağac Bu mücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şax ayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir, övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olan bacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanına gedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadın ağacın deşiyindən keçir. Deyildiyinə görə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsə həmişəlik özündən naümid olub, məyus evinə qayıdır. 4. qazaq qəbri və xəlifəli ocağı Bu iki müqəddəs məkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdə bayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər. Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını ipliklə bir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilən uşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminən yüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə gülləyiblər. O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur. Amma şəhərin camaatının əksəri Xəlifəli ocağına gedir. Hətta belə də bir rəvayət var: İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçə gün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşib Şuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbin qabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı o yan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlində bir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı. Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanı İbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrə gedirsə götürüb bu şeri yazıb xana göndərir: Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Düyilə yağ hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm məni qoymazlar kəndə. El batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahib-camalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. Xanın şeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirin danışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbini ona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla Pənah Vaqif edirdi. Ona görə də deyiblər: “Hər oxuyan Molla Pənah olmaz”. 5. cındırlı pir Bu da dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hər bir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladı olmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər. Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər. 6. öskürək piri Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündür qayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını o qayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər. Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur. 7. cicim ocağı Bu ocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar. Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsi çörək təknəsində, qab-qazanın arasında, tax- çalarda qıvrılmış yatıblar. Ocaq sahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin üstündən o yan-bu yana addayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından daxil olanın birinə də ilan dəyməz. Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın. Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaq özünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfa tapacaq. Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur. Belə andları eşidəndən sonra gərək inanasınız. İndi keçək mətləbə. Cəhənnəm yerin yeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın adına Kəmid dağı deyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan adlı bir yerdədir. Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına Cəhənnəm deyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar. İkinci təbəqənin adına Ləza deyirlər; bu təbəqə tərsalar üçündür. Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqə də yəhudilər üçün təyin olunubdur. Dördüncü təbəqənin adına Səqər deyirlər; buraya da əbrləri salırlar. Beşinci təbəqənin adını Səir qoyublar. Bu təbəqə də saibilər üçündür. Altıncı təbəqənin adı Cəhimdir; bura da müşriklər üçündür. Cəhənnəmin axırıncı təbəqəsinin adına Haviyə deyirlər. Bura da münafiqlər üçündür. Necə ki, görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə yeri var. Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər. Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırdaxırda adamlar: əttar, baqqal, şkola müəllimi və sairləri. Cəhənnəmin hər təbəqəsində qırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi çuxur yerləri var. Hər çuxurun içi yeddi yüz illik yoldur. Hər ili üç yüz altmış gündür. Hər bir günü dünya illərinin min ilidir. Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adına Veyl quyusu deyirlər. Yetmiş illik yol onun dərinliyidir. Mən cəhənnəmə daxil olanda həmin quyunun təkindən bir “vay, dədəm vay” naləsi eşitdim. Başımın tükü papağımı götürdü. Odabaşıdan xəbər aldım Ulduza pərəstiş edənlər. – Bu nə səsdir? Cavab verdi: – Yetmiş il bundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq İndi quyunun təkinə dəydi. O adamın kim olduğunu xəbər alanda odabaşı dedi: – Vallah, bilmirəm hansının adını deyim. Bu quyuya bir adam salmayıblar, İki adam salmayıblar, hədd yox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərini salırlar. Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm İki dövlət arasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbli idi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər. Qərb vəkilləri şərqlilərin təbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropa paytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Bu xanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər. Gündüz vəkillərlə danışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər. Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu. Bu quyuya təpəsi üstündə salınanlar belə vəkillərdir. Və yenə İki padşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu. Dövlətlərdən biri bir özgə vilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənə parıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzər mülkü İki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz. Belə adamları da Veyl quyusuna salırlar. Əlavə, qədim hakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra bir böyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclü padşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahın mənə yaranallıq versə, Iran-rus hökumətləri arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müahidənaməsinə işarədir. Bu xüsusda tarixdə bir şey yoxdur və ola da bilməz (Müəllif qeydi). Türküstan-Iran hüdudunu müəyyən etmək üçün Iran tərəfindən Mirzə Riza xan Daniş göndərilmişdi. Bu şəxs Rusiya imperatoru tərəfindən əta olunmuş nişanlara susayıb Eşqabadın yaxınlığında vaqe “Firuzə” adlanan yaylağı iki quru dağa dəyişmişdi. Hərçənd rus hökuməti “Firuzə”nin əhalisini öz yerlərində qoymağı vəd etmişdisə də, müahidə hökumətlər tərəfindən imzalanandan sonra haman əhalinin yerlərini əllərindən alıb özlərini Irana sürgün elədi (Müəllif qeydi). mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq o saat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənə görə, hakim cənablarına yaranallıqdan savay İki stəkan şampanski də veriblər. Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar. Belə xəyanətkarlar xüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə, oxuyarsınız. Mən həmişə belə güman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib, hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardan dünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçənd burada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməllərini aydın görür. Əlavə hər bəndənin çiyinlərində İki nəfər kiramülkatibeyn deyilən mələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundların buyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlər çağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, o şahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər bir düşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlib şəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətə cəlb olunacaqdır. Məsələn, tutaq ki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kabab yeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisi vurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir: – Bəli, mənim ətim yeyilən vaxt filankəs vurub filankəsi öldürdü. Mən bu etiqadda olub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətinin advokatlığını edəcəkdir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya gön- 1804-cü ildə Gəncə xanlığı birinci dəfə alındıqdan sonra Qarabağ xanı İbrahim xan əhvalatdan xəbərdar olub, öz xahişi ilə Kürəkçayda knyaz Sisyanovun xidmətinə gələrək, xanlığında baqi qalmaq şərtilə Rusiya imperatoruna izhari-təbəiyyət etmiş. Knyaz məmnuniyyətlə qəbul edib, padşah tərəfindən xanı general-mayor ləqəbi ilə təbrik edəndən sonra imperatorun şərəfinə içmək üçün xana bir bakal şampanski təklif etmiş, xan şampanskini içmiş və şərab damağına çox dadlı gəlmiş. Bir qədər söhbətdən sonra xanın könlündən yenə şampanski içmək keçmiş, üzünü knyaza tutub xəbər almış: – Padşahın şərəfinə bir dəfə də içmək olarmı? Sisyanov: “Çox gözəl olar” – deyə ikinci bakalı xanın damağına vermiş (Müəllif qeydi). dərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata. Amma belə deyilmiş. Qiyamətə gələnlərin hamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpünün adına Püli-Sirat və bizim dildə “Qıl körpüsü” deyirlər. Bu körpü qıldan nazik və ülgücdən itidir. Hər qiyamətə gələni gətirib, körpünün başında dayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürüb körpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, İki qədəm qoyduqdan sonra guldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə. Odabaşı söyləyirdi: – Bu körpüdən yıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar. Məsələn, burada bir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namaz qılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndi idi. Bunu eşidən tək, həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bu kişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Heç bir şey! Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu Ağa Baqiri-Məclisi, Fazili-Ərdəbili və Fazili-Dərbəndi mövhumat sahəsinin ən fəal qəhrəmanlarıdırlar. Bunlardan həm Azərbaycanda, həm İranda məşhur olan Dərbəndli Molla Ağadır ki, adına Fazili-Dərbəndi deyirlər. Kitabçamızda onun xüsusundə yazılanlar hamısı həqiqətdir. Fazili-Dərbənd cəmi rövzəxanların mürşididir: minbərlərdə onun adı ehtiramla çəkilməkdədir. Fazili-Dərbəndi mövhumata dair neçə kitab yazmış. O cümlədən “Əsrarüşşuhəda” adlı kitabı on-on iki cilddən ibarətdir. Bu kitablar hamısı Kərbəla vəqəsinə aiddir. Ondan əlavə “Irşadülqülub”, “Məxzənülbüka” və “Xabnamə” adında üç kitab yazmış. Bu kitabların ikisi mərsiyə kitablarıdır. Üçüncüsü isə Fazilin röyalarına havidir. Bu kitabda Fazil röyada gördüklərini həqiqət hesab edir və avam camaat da buna etiqad bağlayır. Məsələn, “Xabnamə”nin bir yerində deyir: mənim vətənim olan Dərbənddə bir yəhudi var idi. Bu şəxs həmişə şürbiliyə, fisq-fücurə məşğul idi. Yəhudi öldü. Gecə aləmi-röyada mən haman yəhudini behiştin qəsirlərinin birində görüb təəccüb etdim və onun behiştə nə növ düşməsini xəbər aldım. Yəhudi cavab verdi: Bir gün yol kənarında uzanmışdım. İttifaqən Imam Hüseyn zəvvarları gəlib mənim yanımdan addadılar və onların atlarının ayaqları altından qalxan tozdan bir qədər mənim siftimə qondu. Odur ki, yəhudiliyimə, tutduğum əməllərə baxmayaraq məni behiştə gətirdilər və cəmi günahlarım xudavəndi-aləm tərəfindən əfv olundu (“Xabnamə”). Fazili-Dərbəndinin şüarı: “Mən bəka, ov əbka, fətəbəka vəcəbət ləhül-cənnə”, yəni “ağlayana, ağladana və ağlayanlara özlərini oxşadanlara behişt vacibdir” (Müəllif qeydi). Molla Ağa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adını ehtiramla çəkirlər. Birdən belə iş? Osmanlılar deyirlər: “Böyük iftizah” Molla Ağa Fazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub baş yarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə, kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəs vücud. Belə də iftizah?! Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik babam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi: – Aşura günü mən Təbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbriz əhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscid tutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur. Birtəhər camaatı yarıb özümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatın hönkürtüsü, “ağa vay” naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı. Fazili-Dərbəndi bu haləti görüb ucadan qışqırdı: – Əyyühənnas, hər kəs bacarır özünü bu xalis şiə kimi İmam yolunda qurban versin. Onun ruhu bu saat behiştdə peyğəmbərin öz qulluğundadır. İranın şəhərləri birbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onu istiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzil verirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğə üsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməli oldu. Tehranda bir nəfər İkiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqama yetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcbur oldu. Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib İki əlini ona tərəf uzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünə bir neçə saniyə baxıb buyurdu: – Qayçı gətirin! Bu əhvalatı gözü ilə görmüş bir şəxs nəql edirdi (Ə.H.). Camaat əhvalatdan bir şey anlamayaraq, dayanıb tamaşa edirdi. Qayçı gətirdilər. Fazil qayçını alıb şaha tərəf yeridi və dedi: – Sənin bığının qabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninlə mülaqat da haramdır. Bunu deyib öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsa da, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindən ona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqaya rehlət buyurdu. Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinə yetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığında dəfn etdi. Odabaşı üləmadan çox adamın adlarını çəkdi. Ancaq bir Fazili Dərbəndidən danışmaq kifayətdir. Günahkar cəhənnəmə düşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranın üstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrlə vurmağa və zəncir bağlayıb odun içində sürüməyə. Bu məlaikələrin yetmiş min köməkçiləri – türküsü – qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlində yetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə. Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəziləri sümüklərini sındırırlar. Xülasə, nə ərz edim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndə dedim: – Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir inqilabçı tutub boğazından asdırsa, İki aydan sonra Rusiyada qurd quzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdi naçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd min manat çıxan deşiklər hamısı tutular. Cəhənnəm əhlindən birini yanıma çağırıb soruşdum: – De görüm, sənin də canını alandan sonra bu əziyyətləri verdilər? Dedi: – Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm. Bu binəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib ona içirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı. Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi: – A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir. Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Dedi: – Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm. Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən də çox əziyyət dəyibdir. Cəhənnəmli məndən soruşdu: – Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi? – Görmüşəm. Çox yaxşı görmüşəm. Bir kasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim öz yanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyi getdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahı verib, kəndlini o zalımın əlindən qurtardım. Cəhənnəmli dedi: – Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərz eyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlinci göydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindən od çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanınca beş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə. Qabaqca İsfəhtail adlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim. Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bənd olmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma, çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər. Yazıq kişi söhbətini qurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruq ilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə. Odabaşı məni heyrətdə görüb dedi: – Bu günahkar yetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərinin uzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıb çıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qərar atacaq odun içinə. Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına. Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır. Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəm ayında dəstəbaşılıq üstündə dava düşübdür. Odabaşıdan soruşdum: – Bu nə səsdir? Dedi: – Cəhənnəm əhli Iblisi arakəsməyə salıblar. Bunu eşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarını sürüməyə başladı. Yığıncağa yaxınlaşıb gördüm: Iblis ki, cəhənnəmin sədri-idarəsidir, bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafını alıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssir tutur. Biri deyir: – Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim. O birisi deyir: – Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın. Birisi deyir: – Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyən sənsən. Birisi deyir: – Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəllə qəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana, ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi? Birisi deyir: – Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məni yoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşında yazıb ərə verdim. O da gedən kimi öldü? Birisi deyir: – Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və “Nasixüttəvarix” də yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurub şeytanın bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər “Lənət sənə gəlsin, kor şeytan”). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişə dolduran ki, camaat elmdən nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Biz də hər bir yolla camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinə hökm edirdik. Birisi deyir: – Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun? Biz də camaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavət saldıq? Birisi deyir: – Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olar ki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Mən də neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm? Birisi deyir: – Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə sən məni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünü də quru yurdda qoydum. Birisi deyir: – Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecə- gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər yumşaq olar? Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını, pulunu, var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub, əlimdən getdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm. Birisi deyir: – Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim? Sən məni yoldan çıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç birisi cürət edib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun sözünə aldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta palıd udan kimi uddum. Birisi deyir: Sultan Əbdülhəmid İrəvan müsəlman cəmiyyəti-xeyriyyəsinin 1902-1907-ci sənədə sədri olan İrəvan xanlarından birisi. – Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğum yerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb, günaha batıb, qiyamət əzabına giriftar oldum? Birisi deyir: – Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki, insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakı buğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata. Birisi əlində bir varaq kağızı Iblisə göstərib deyir: – Ay Allahın lənəti sənə gəlsin, sən deyildinmi mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalnİki Vinokurova ver? Mən də sənin sözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə. Nə qədər özüm yanıram, bu kağıza bir zad olmur. Bu danışanı mən tanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım. Bu şəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir: Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var. Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər. Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri... və i.a. Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə də bəylik təliqəsi veribdir. Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçı Muraddan danışaq: Ağdam tərəfə yolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kənd hal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahir olduğund an xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bə Cavanşir qəzası mülkədarlarından Adıgözəl bəy Adıgözəlova işarədir. yin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünədə anası şahzadə olduğundan xan deyilir. Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildəüç ay pul olar, doqquz ay müflisdirlər. İndi “pişxurd” ləfzini də bir izah etmək lazımdır. Bu ləfz farsləfzidir. “Pişxurd” – qabaqca yeyilən. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirlər yaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər. Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqca döyüb satırlar. Belə döyülən buğdaya “pişxurd” deyirlər. Yuxarıda dedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndə lazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın bir hissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə. Şəhərdə bir neçə gün evdə əyləşib dərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libas hazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara, kluba, bulvara. Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb, yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla. Çetvorti sort da bəylər var. Bunlara “cır bəylər” deyirlər ki, varyoxlarını qumara, Tiflis və Bakı kefinə verib, İndi dövlətli bəylərin qapılarında sülənirlər. Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeri yırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə də özlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər. Dördü bir yerdə cəm olanda Tiflis qəstinlərində sürdükləri kefdən bir-birlərinə söyləyərlər. Bəli, kağızın əhvalatı belədir: – Bir gün Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylər bir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində, cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir: – Sizin ki belə fikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz? Çox gözəl iş görübsünüz. Mən özüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundan bir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qol qoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən burada borclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qol qoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalınca getməyi də öz boynuma götürürəm. Məclis hamısı bəydən razılıq edib, ərizəni ona tapşırırlar. Bəy ərizəni qoynuna qoyub, bir az söhbət edib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi: – İnşallah bir həftə çəkməz ki, ərizə hazır olar. Bəy at üstündə getdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi: – Bircə siz bu tülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb bir yerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığa bax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin dədəbabanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlib özünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi? Sən adını nə qoyub ortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!.. Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: “Alçaq dağları mən yaratmışam”. O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanada yatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağını yumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası qaçaq Qurbanəlinin bacısı deyildimi? İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz. Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Bir belə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək, ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işə sən nə deyirsən? Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-on bambılısı yığılıb bir yerə – nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq! Axır siz nəsiniz adam yıxasınız? İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundan sonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıb qoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər. Mən, əvvələn, gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. O kişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə, yağ müftə, düyü müftə, motal, qatıq... hamısı müftə. Quzudan bir sürü qayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən bir belə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm; qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun. Bəy bu fikri eləyib, atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə. Vinokurov otaqdan çıxıb bəyə əl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu. Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib. Bəy ədəblə xanıma təzim etdi və xanım da İki barmağının ucunu ona uzadıb dedi: – Buyurun bir stəkan çay için. Bəy: – Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çay töküb verdi. Bəy çay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindən bir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvət törənən işdən xəbərdar olub tədbir edirdi. Bəyi xəlvətcə çəkib dedi: – Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar. Bəy cavab verib dedi: – Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdən göyədək razı olacaqsınız. Naçalnik qalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi. – Söylə görək, nə xəbərdir? – Daha nə xəbər olacaq. Getmişdim “Güngörməz” kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflar bir yerə toplaşıb ərizə yazdırırlar. Soruşdum: – Bu nə ərizədir? Dedilər: – Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdə qalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaat da rahat nəfəs ala. Vinokurov bu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü. Qışqırıb dedi: – And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddi var məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidə məndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlar hansılardı? Bəy ərizəni qoltuğundan çıxardıb qoydu naçalnİkin qulluğuna. – İzvolte! Vinokurov sonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıb cəhənnəmə göndəriblər. Cəhənnəm əhli qışqırdıqca Iblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, onda taqsır yoxdur və deyirdi: – Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizə veriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur, məndən yaxşı əməl baş verməz, amma yenə sizi inandırıram ki, dünyada baş verən bəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən? Bu halda camaat arasından bir şəxs ayrılıb, Iblisə tərəf yeriyib söz demək istəyəndə Iblis qızardı. Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı İki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribə keyfiyyətləri var: mən ancaq birini nağıl edim. Neçə vaxt bundan əqdəm Qocaqurd mahalının naçalnİki mahalın dörd nəfər dikbaş, artıq-əskik danışanlarından İki yüz altı qazağın qabağına salıb, qovdurub atların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi. Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinə verib, o qədər süründürmüşdü ki, axırda yazığın İki gözü də yerindən pırtlamışdı. Naçalnİkin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatı hər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat bir neçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər. Bəy camaat vəkillərinə üz tutub dedi: – Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinə görə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətini saxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskik danışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedin öz taytuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın. Camaat vəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar. Vəkillər gedəndən neçə gün sonra, həmin bəy bir belə zülm edən naçalnİki yüzədək adamla evinə qonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərinin hamısı bir yerə yığışsaydılar bacarmazdılar. Qocaqurd mahalının camaatı bəyin bu hərəkətini öz əleyhinə açıqaçığına bir ədavət sayıb sözü bir yerə qoydular ki, onu “bayquş” eləsinlər (Qocaqurd mahalında bir molla var “bayqota” “bayquş” deyir). Bir müddət camaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi: – Müsəlmandırlar, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr? Bazarda ət satmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğda satmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı. Atına arpa, saman vermədilər, yazdı, qazaq əfsəri göndərdi. Beləliklə, neçə müddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəm dayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökərini qovdu, dedi: – Get ağana degilən başımdan rədd olsun. Yavan çörəklə də iş keçmədi. Axırda bəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi. Bəy bir damın üstünə çıxıb üzünü camaata tutub dedi: – Camaat! Siz məni bayqot edibsiniz. Bu sizin işinizdir, sizing məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izn verin sizə İkicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlik oturum evimdə. Camaat qışqırtı salıb bəyə söz vermək istəmədi. Ağsaqqallardan biri xalqa üzünü tutdu: – Camaat! Qoyun sözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək. Hər yerdən səs gəldi: – İstəmirik, danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb. Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra dedilər: – Danışsın. Ancaq uzun eləməsin. Bəy dedi: – Mən necə ki, dedim, sizə İkicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdən götürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənim sözüm. Bəy bunu deyib damdan endi və getdi evinə. Camaat səs-səsə verib dedi: – Bəy əcəb söz danışdı! “Gedib rus olaram”, cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsən bəy nə buyuracaq?! Yenə həmin ağsaqqal ortalığa çıxdı. – Camaat! Siz bəyin sözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan söz danışmaz. Yəqin sözünün canı var. Amma məlumdur ki, bunun hiylələrinin müqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də gərəkdir qorxaq. Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib, əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindəneşiyindən əl çəkib, arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz. Camaat bir az fikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər: – Bəy, biz bayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə! İblis dedi: – Camaat! Şeytan mən deyiləm, bu kişidir, İndiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpa ola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Belə şeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən. İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) verib qulluqdan çıxsın. Amma buna bir şey mane oldu. Nagah havadan bir mələk göründü və mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncər tutmuşdu. İblis mələyi camaata göstərib dedi: – Baxın görün, o havadakı nədir? Mənim gözüm əməlli görmür. Cəhənnəm əhli qoçu görən tək əzabı yaddan çıxardıb: – Ay camaat, qoç döyüşdürəcəklər! – deyə qışqırıb qoça tərəf yüyürüşdülər. Iblis də bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi. Qoça tərəf gedənlərin lap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır, eşqabadlılar... Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savay hamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər: – Qardaş, qoç döyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzət apara! Bu halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim: – Ədə, nöşün qayıtdın? İçərişəhərli sözümə cavab verib dedi: – Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən? Məgər sənin başında ağıl yoxdur? Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz, meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat verib bir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpək qalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini İki rəs qovdu. Kəblə Meydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki, İki dal qıçları üzüldü... Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pul verib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm. Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən də buraya gəlmişəm. Xeyir a... nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvə güləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır. Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantal elədi... İçərişəhərli nitqini qurtardı və yığıncaq hamısı onun köpəyinə “afərin” dedi. – Ax, a namərd oğlu! O gülləni köpəyə vurunca mənim bircə oğlumun ürəyinə vuraydın! Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Cəmi əhli-cəhənnəm sakit olub qulaq asdılar. Mələk deyirdi: – Bilin, ey əhli-cəhənnəm! Buynuzundan yapışdığım qoç ölüm qoçudur. Nə qədər ki bu qoç sağdır, insan üçün ölüm var. İndi mən bu qoçun boynunu vuracağam, ondan sonra insandan ölüm götürüləcək. Cəhənnəm əhli hamısı ağız-ağıza verib mələyə yalvardılar ki, qoçun boynunu vurmasın. Amma uzaqdan bir səs gəlirdi; o səs də mələkdən, qoçun tezliklə boynunu vurmağı xahiş edirdi. Məlum oldu ki, uzaqdan eşidilən səs, behişt əhlinin səsidir. Mələk cəhənnəm əhlinin yalvarmasını qəbul etməyib, qoçun boynunu vurdu. Cəhənnəm əhli çox məyus geri qayıtdı və hər kəs getdi öz məkanına. Şeytanı əhatə edib, öz günahlarını onun boynuna atanların kim olduqlarını oxucular, mən deməsəm də, aydıncasına anladılar. Bu şəxslərin dünyada da düşmənləri çoxdur. Çox işlərdə onları müqəssir görürlər. Amma bəzi ovqat onlar da işə yarıyırlar. Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım. 1909-cu ildə mən Bakıda bir paraxodstvada müfəttiş idim. Bir gün idarə işi üçün bir yoldaşla Eşqabada getmək lazım oldu. Bir gəmiyə əyləşib, Krasnovodsk tərəfə rəvan olduq. Sərnişin gəmidə biz İki yoldaş idik və palubada da yüzə yaxın İran fəhlələri əyləşib vətənlərinə gedirdilər. Bakıdan biz yola düşəndə hava gözəldi və tufan əlaməti görünməyirdi. Nəhayət, beş-altı saat yol gedəndən sonra bir xırdaca külək başladı əsməyə, külək getdikcə güclənib, axırda tufan halətini aldı. Göyün üzü tutuldu, dərya qaraldı, suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Birdən gəminin bir ucunun dağın başına qalxmağı hiss olunurdu. Dalınca guya gəmini qəflətən bir quyunun təkinə salırdılar. Gəmi titrətmə tutmuş adam tək uçurdu və onun cəmi mıxçaları səsə gəlirdi. Hər bir dəqiqədə gəminin qərq olması gözlənirdi. Fəhlələrin dilindən “ya Allah” səsi göyə dirəklənirdi. Çoxusu ölümlərini göz qabaqlarına alıb “kəlməyi-şəhadət” oxuyurdular. Vaxtlar Bir nəfər Məkkədən qayıtmaqda olan hacı, xurcundan bir torba torpaq çıxarıb suya atdı və dedi: – Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Əlbəttə, bu saat dərya sakit olacaq. Sərnişinlər hamısı hacıdan razılıq etdilər və dəryanın yatmasını gözlədilər. Çifayda, dərya, daha da şiddətlə gəmini atıb-tutmağa başladı. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Lövbər atdılar. Gəmi dayandı. Ancaq dayandığı yerdə atılıb-düşməkdə idi. İki gün İki gecə gəmi suyun üzündə bu halətdə qaldı. Üçüncü günü dərya bir qədər sakitləşdi. Gəmi də yola düşdü. Bakı ilə Krasnovodskın arası ancaq on altı saatlıq yol olduğundan, fəhlələr bir gecəlik azuqə götürmüşdülər. Olan azuqələrini yeyib, axırıncı gün aclığa davam gətirə bilməyib, kapitanın üstünə tökülüb ondan çörək istədilər. Kapitan onlara suyun üzündə çörək tapmağın mümkün olmadığını və Krasnovodska ancaq altı-yeddi saat yol qalmasını hərçi deyirdisə də, fəhlələr ona inanmayıb çörək istəyirdilər. Axır yazıq kapitan bizə tərəf gəlib dedi: – Siz bunların dilini bilirsiniz, bunları inandırın ki, altı-yeddi saatdan sonra sahilə çıxacağıq. Mən və yoldaşım durub getdik fəhlələrin arasına, hərçi nəsihət etdik, inandırdıq, kar etmədi. Sözlərinin üstündə möhkəm dayanıb, bir dillə çörək istədilər. Bir də baxdım kənarda bir molla sakit, başını aşağı salmış, mütəfəkkir əyləşibdir. Mən mollaya tərəf getdim və dedim: – Cənab axund, bu adamların etibarı sizə bizdən çoxdur. Mən size inandırıram, siz də bunları inandırın ki, altı-yeddi saatdan sonra kənara çıxacağıq. Molla qulaq asıb dedi: – Canım, özünüz bilirsiniz ki, ac qılınca çapar. Bu adamlara çörək lazımdır. Mən onları sakit eləyə bilərəm? – Yenə bir fikir edin. Molla bir qədər fikrə gedib dedi: – Bunlar acdırlar. Nəsihət-filan onlara kar etməz. Yaxşısı budur ki, bu camaata bir mərsiyə oxuyam. – Çox gözəl, Allah atana rəhmət eləsin. Molla bir mərfəşin üstünə çıxıb “Səlləllahü əleykə ya Əba Əbdüllah” deyən kimi tamam sərnişinlər aclıqlarını yadlarından çıxarıb, cəm oldular mollanın ətrafına. Molla qabaqca bir uzun vəz başladı. Belə ki, vəzi əqəllən saat yarım çəkdi. Vəzdən sonra keçdi mərsiyəyə. Bir azdan sonra baxdım ki, camaat aclıqdan və ağlamaqdan bihalət olub, hamısı yan-yana tökülübdür. Bir qədər getdikdən sonra Krasnovodskın dağları göründü və camaat da xatircəm oldu. İndi mollalara düşmən olanlar, mollaları bəyənməyənlər, bilsinlər ki, lazım olan yerdə molla da kara gələr. Camaat arasında gəzərkən keçmiş dostlardan, tanışlardan, aşnalardan bir-bir görürdüm. Amma bizim həftə bazarında alış-veriş eləyən Məşədi Sünbəni hamıdan yaman gündə gördüm. Bu şəxsin adı özgə idi. Amma xalq onu ləqəbi ilə tanıyırdı. Ona Məşədi Sünbə ləqəbi verilməsində bir qəribə nağıl var: Bir gecə məşədi evində yatdığı yerdə eşidir ki, darvaza döyülür. Durub darvazanı açıb görür ki, şəhərin üç nəfər məşhur oğruları qapıda durublar. – Bala, bu gecə xeyirdimi? – Xeyir olmamış nə var? Xoca Hamparsumun dükanını yarıb, budur mallarını gətirmişik. Əgər müştərisən girək içəri? Məşədi oğruları salır içəri. – Qadanızı alım, açın, görüm mətaınız nədir? Oğrular çiti, məxməri, ay-ulduzu, zərli parçaları, firəng qanovuzunu... açıb tökürlər məşədinin qabağına, məşədinin gözləri məşəldar pişiyin gözləri kimi başlayır parıldamağa. Deyir: – Sizə qurban olum, qiymət deyin! Çitin arşını bir şahıdan, ay-ulduzu İki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Və məşədiyə deyirlər ki, arşını gətirib ölçüb götürsün. Məşədi gedib arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini ki, uzunluğu İki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir ki, bu sünbə nəinki tamam arşındır, hətta arşından İki verşoq da azdır. Haman tüfəng sünbəsi ilə oğurluq parçaların hamısını ölçüb alır. O səbəbə onun adı da “Məşədi Sünbə” qalmışdı. Məşədi Sünbənin İki ayaqlarını sifətinə bağlayıb cəhənnəmdə aşağıyuxarı sürüyürdülər. (Odabaşının dediyinə görə cəhənnəmdə bu tənbehi ribaxorlara eləyirlər). Bu kişinin, necə ki yuxarıda ərz olundu, həftə bazarında dükanı var idi. Dükanında artıq mal saxlamazdı. Amma yanında həmişə nəqd pul olardı və cəmi ətraf kəndlərdə dara düşənlər atlarını minib birbaş Məşədi Sünbənin yanına gedərdilər. O da kimə əlli manat, kimə yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi. Odabaşının vasitəsi ilə mələkdən təvəqqe etdim ki, İki dəqiqəliyə məşədinin ayaqlarını açsın. Ona bir-iki deməli sözüm var. Mələk təvəqqemi qəbul edib məşədinin ayaqlarını açdı. Məşədi ayağa qalxıb, məni görəndə başladı hönkürüb ağlamağa. Gözlərindən yaş yerinə ərinmiş qurğuşun axdı. Dedim: – Məşədi, bu nə işdir? Dedi: – Ax Xortdan, sən Allah, dərdimi soruşma. Mənə hər nə eləyirlərsə, haqqında eləyirlər. Mənə deyən gərək: ay həpənd, pulun var, qoy cibində qalsın. Nə borcundu bu kənd camaatının qeydinə qalırsan? Acından ölür, qoy canı çıxsın, ölsün! Yəqin Allahın məsləhəti belədir; yəqin Allah məsləhət bilib ona yetirməyir... Nə borcundur gedib onun əlini tutub pul verirsən? Bir şəxsi ki, Allah ac eləyə, insanın nə haqqı var ki, deyə mən gedib onun qarnını doyuzduracağam! Odur ki, adamı bu günə salırlar. Məşədi bu yerdə başına İki əlli, tutarlı bir qapaz saldı. Dedi: – Di, canın çıxsın, yan! Öləndən bir neçə gün sonra oğlumun vaqiəsinə girib dedim: – Bala, olmaya-olmaya fəqir-füqəranın əlindən tutub, pul borc verərsən! Nə borcundur. Qoy Allah özü yaratdığı bəndəsinin fikrini çəksin. Soruşdum: – Məşədi, verdiyin pullara insafsız müamilə almayırdın ki? Dedi: – A kişi, and olsun yediyimiz çörəyə (hərçəndi mən onun evində çörək yeməmişdim), and olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim Sələmçilər künfəyəkün eyləsin, gecə Allah evimi dağıtsın, əgər veksel kağızının pulunu da öz cibimdən verməmişəmsə. Bu halda bir mələk yetişib məşədinin sinəsinə bir yumruq nə təhər çırpdısa, yumruq İki kürəyinin arasından çıxdı və əlində bir parça kağız tutub əmr etdi: – Oxu, naməyi-əmalını! Məşədi dedi: – Ay qurbanın olum, naməyi-əmalımı mənə daldan göstərirsən, mənim ki, başımın dalında gözüm yoxdur. O vaxt bir ayrı mələk, gəlib onun boynunu şaqqıltı ilə sındırıb, üzünü dala çöndərdi və dedi: – İndi oxuya bilərsən! Məşədi oxudu. O kağızda yazmışdılar: “Ribaxor”. Bu söhbətdən sonra məşədinin ayaqlarını yenə sifətinə bağlayıb sürüyə-sürüyə üzüqoylu apardılar. Mənim qonşum hacını gözlər olsun görməsin! Yaman gündə gördüm gəlir, boynundan neçə ədəd, hər biri bir pud vəznində qara daşlar asılı, cəhənnəm mələklərindən neçəsi əllərində odlu taziyanə döyədöyə cəhənnəmi gəzdirirlər. Məni görən tək hacı İki əlləri ilə üzün bərk örtdü. Daşları onun boynunda görəndə ona verilən əzabın mənasını anladım. Hacının şəhərdə parçaçı dükanı var idi. Bahar fəslində böyük oğlunu dükanda qoyub, kiçik oğlunu da özü ilə götürüb kəndlərə yağ almağa gedərdi. Hacı tərəziyə çəki ölçüsü yerinə, çayın daşlarından qoyardı. Daşın birinə girvənkə, o birisinə beş girvənkə, ya on girvənkə adı qoyub, onların çəkisi ilə kəndlilərdən yağ alardı. Bizim kəndlilərin hər birisinin evində bir əyar qabı olar ki, onun içinə nə qədər yağ tutması birdəfəlik müəyyən edilər. Bir dəfə bir kəndli öz hesabı ilə on girvənkə yağ satmaq üçün hacının yanına gətirir. Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub, o biri gözünə də yağı qoyub deyir: – Bala, sənin yağın tamam yeddi girvənkədir. Kəndli təəccüb edir: – Hacı əmi, mənim bu qabım tamam on girvənkə yağ tutur. Həmişə də peşəm aparıb satmaqdır. İndi nə olubdur ki, sənin tərəzində yeddi girvənkə gəlir? Hacı əmi, sənin bu daşın yeddi girvənkəyə oxşamır. Yeddi girvənkənin daşı xırda olar, bu böyüklükdə olmaz. Hacı cavabında deyir: – Getdiyim Məkkəyə and olsun, çayda bu daşdan böyük daşlar çoxdur. Götürmədim. Bununla belə, hacının kəndlilər arasında böyük etibarı var idi. Etibarı da, qulaq verin, görün nə qoçaqlıqla qazanmışdı. Yuxarıda dedik ki, hacının parçaçı dükanı var idi; hacı, Məkkə ziyarətindən qayıdandan bir az sonra, bir gün neçə nəfər kəndli parça almaq üçün hacının dükanına gəlirlər. Hacı bunlara istədikləri parçadan satıb yola salır. Kəndlilər gedəndən bir saat sonra hacı qalxıb onların dalınca yüyürməyə üz qoyur. Şəhərdən bir-İki vers aralanmış, kəndlilər daldan çığırtı eşidib, dönüb dala baxıb görürlər ki, budur, hacı nəfəsini ağır alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Kəndlilər ayaq saxlayırlar: – Hacı əmi, nə xəbərdir? Yoxsa pulunu əskik vermişik? Hacı deyir: – Yox, hacı əmin dərdini alsın. Siz gedəndən sonra mən daxılımı hesabladım. Baxdım gördüm ki, sizin beş manatınız məndə artıq qalıbdır. Mən Məkkədən neçə gündü gəlmişəm. Elə onsuz da öz malıma haram qatmaram. Əgər o beş manat mənim cibimdə qalsa, əvvələn tamam qazancım it qanından murdar olar, İkinci, haman beşlik qiyamətin günündə bir parça od olub mənim bədənimə yapışar. Alın pulunuzu. Sizə mənim bu canım qurban. Bunu deyib hacı, kəndlilərə beş manat verib və onları heyrətdə qoyub dala qayıdır. Bu əhvalat dildən-dilə düşür və düşməyinə hacı özü də bir qədər kömək verir. O gündən hacı kənd camaatının gözündə müqəddəs və peyğəmbərliyə layiq bir şəxs olur. Hamı bunu yəqin edir ki, belə adam müştəri aldadıb, malına haram qatmaz. O idi ki, hər bir şəhərə getmək çün atını yəhərləyən kəndli, birbaş hacının dükanına çapırdı. Hacı da çiti birə-İki qiymətinə sırıyırdı. Etibar yolunda xərclədiyi beş manat onun hədsiz sərvətinin bünövrəsi olmuşdu. Qiyamətdə hacıya kəndlilər baxan gözlə baxmayıb cəhənnəmə salmışdılar. Hacıdan ayrılıb bir neçə qədəm getmişdim, gördüm bir nəfər şəxs mənə tərəf gəlir; amma Gəncə quberniyasında məşhur ərizə yazan Dəsturova oxşayır. Əgər mənə desəydilər ki, Hacı Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı qoçuları and içiblər ki, adam öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bolşevik olub, inanardım, amma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı. Dəsturov mənə həmişə qardaşoğlu deyərdi. Ona görə yaxınlaşıb dedim: – Əmi, nə əcəb siz də burdasınız? Halonki mollalar sizin adınızı çəkəndə “Illiyi-aramgah” deyirlər. Dəsturov cəhənnəmin külündən bir qədər götürüb, burnuna çəkib (dünyada burunotu çəkərdi) dedi: – Qardaşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir gün mənim namazım keçməyib, bir il orucum keçməyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhənnəm müdirləri deyirlər ki, sən dünyada xalqı dolaşdırıb, pullarını alıb yeyirdin. Mən nahaq yerə kimin pulunu yemişəm? Almışamsa da, öz haqqımı almışam, hamı bilir ki, mən seyid və övladipeyğəmbərəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, yerində, əkinində mənim cəddimin hissəsi var. Mən görəndə ki, hökumət adamları gəlib hər kəsin mülkünə sərhəd qoymaq istəyir, mən özümü haqlı bilib, gedib o mülkün bir hissəsinə özümü malik elan edirdim. Mülk yiyəsi mənə bir qədər pul verəndən sonra ixtiyarımdan əl çəkərdim. Mən belə deyirəm. Amma bunlar deyirlər ki, belə deyil. Xalq sənə pul verib yaxalarını divan get-gəlindən qurtarırdı. Sənə iyirmi manat verəndə yüz manat xərcdən və neçə ilin avaralığından xilas olurdular. Sən də bunu hər bir mejevoy olan yerə gedib ispor qoyurdun. Nə qədər and içirəm inanmırlar. Gündə neçə dəfə qurğuşun əridib boğazıma tökürlər. Dəsturov həqiqət, bir Allahdan qorxan, əhli-iman, xalis Əli şiəsi, şeyxi təriqətində bir kişi idi. Təharəti, izaləyi-nəcasəti gözləməkdə əvəzi yoxdur. Birdən labüd qalıb, bir erməniyə əl verəndən sonra evinə gedincə əlini havada saxlardı və evə gələndən sonra əlini möhkəm suya çəkərdi. Əlində həmişə ağacı olardı. Gər bir məclisdə onun ağacı bir neçə erməni, ya rus ağacları ilə bir küncə qoyulsaydı, ağacı çuxasının ətəyi ilə tutub, gətirib evdə həmçinin, suya çəkəcək idi. Müsəlmanlıqda belə möhkəm adam idi. Məclislərdə həmişə şəriətdən, təriqətdən söhbət salıb, İmamın min verst məsafədə nə olduğunu bilməyini sübut edərdi və Əli-ibni-ƏbuTalibin dünyanın xilqətindən qabaq varlığına neçə-neçə dəlillər gətirərdi. Həmçinin Əli ilə Allahın arasında bir fərq olmadığına Qurandan, üləmanın kitablarından, hədislərindən şahid gətirərdi. Bir dəfə bir məclisdə üsuli mollaları ilə şeyxi mollaları arasında yuxarıda zikr olunan məsələlər üstündə böyük mübahisə oldu. Üsuli mollaları sübut edirdilər ki, İmama Allah tərəfindən əmr olmasa divarın dalında nə olduğunu bilməz. Şeyxilər də deyirlər: – Vaxta ki, ona İmamət verilib, o hər şeyi bilir. Bunu da deməliyəm ki, Qarabağda, Naxçıvanda və bir para Qafqaz şəhərlərində, Təbrizdə... bu məsələ üstündə axundlar camaatı İki tirə ediblər. Bu İki tirə həmişə bir-birilə ədavətdə idilər. Hətta bir-birlərinin küfrlərinə də hökm edirdilər. Məclisdən çıxdıq. Dəsturov əlinin mənim kəmərimə keçirib dedi: – Qardaşoğlu, bu üsulilər adlarını müsəlman qoyublar. Amma sırf kafirdirlər. Bunlar İmamın, xüsusən Əli-ibni-Əbu-Talibin məqamını bilmirlər. Mən Əli-ibni-Əbu-Talibin kəramətindən sənə bir şey söyləyim. Sən də yeri düşəndə bu kafirlərə söylə. İnanmırlar, gedib Ağa Bağır Məclisinin kitablarına baxsınlar. Vaxta ki, peyğəmbər əleyhissalam meraca getdi, yeddinci göyə çatanda səs gəldi: “Ya rəsulullah, buradan yuxarı daha çıxa bilməzsən, burada dayanacaqsan”. Bu səs peyğəmbərin qulağına aşna gəldi. Əlinin səsinə oxşadı... Qulaq ver, dürüst qulaq ver! Bir az vaxtdan sonra bir ədəd yaqut məcməyidə peyğəmbərə Allah tərəfindən şirbrinc (südlü sıyıq) gəldi. Peyğəmbər ərz elədi ki, pərvərdigara, mən bu şirbrinci tək yeyə bilməyəcəyəm. Bu halda bir əl gəlib, onunla şirbrincdən götürüb, yeməyə məşğul oldu. Düyünün bir dənəsi haman əlin üstünə yapışdı. Peyğəmbər meracdan qayıdıb, Əlini hüzuruna çağırdı. Baxıb nə gördü? Şirbrincin düyüsü Əlinin əli üstündə idi. İndi gəl, bu əhvalatı bu kafirlərə anlat! Yüz deyəsən inanmayacaqlar. Əlinin məqamı belə böyükdür. Hələ bundan da bir qəribəsini nağıl edim... Dedim: – Buyurun! Dəsturov başladı: – Bir vaxt Mədinənin ətrafında bir böyük əjdaha peyda oldu. Bu heyvanın yetmiş min ərəş uzunluğu idi, yeddi min ərəş eni və yeddi min ərəş qalınlığı idi. Mədinə əhlindən kənara çıxanı əjdaha haman saat kamına çəkib udurdu. Belə ki, xalq qorxusundan evlərinə dolub, eşiyə çıxmağa cürət etmirdi. Bir dəfə əjdahanın müqabilinə böyük qoşun göndərdilər: əjdaha qoşunun hamısını yaraq-əslihələri ilə bir yerdə kamına çəkib uddu. Belə yaman heyvan idi! Bir gün bu əjdaha daxil oldu Mədinənin küçəsinin birinə və küçə ilə sürünüb girdi Əbu-Talibin evinə. Əbu-Talibin adamları qaçıb künclərə qısıldılar. Əli o vaxt bir yaşında idi və beşikdə yatmışdı. Bir də baxdılar: uşaq qollarını bələkdən çıxartmaq istəyir. Bir az çalışıb, əllərini bələkdən azad eləyib, bir əli ilə əjdahanın üst dodağından və bir əli ilə alt dodağından tutub, dartıb əjdahanı İki parça elədi. Get bunu da kafirlərə söylə. İnadlıqlarından buna da inanmayacaqlar. Bir dəfə Dəsturovun evində idim. Onun böyük oğlu bir kənarda oturub Vaqifin şeirlərini oxuyurdu. Birdən bu sözləri oxudu: Alimü abid, müridü mürşidü şagirdi-pir, Nəfsi-əmmarə əlində cümləsi olmuş əsir. Dəsturov məndən xəbər aldı: – Qardaşoğlu, “nəfsi-əmmarə” nə deməkdir? Dedim: – Yəni əmredici nəfs. İnsanı pis yollara dəvət edən nəfs. – Yox, belə deyil. Bunu da gərək biləsən, elmin arta. – Buyurun, əmi. – Elə ki, Adəmlə Həvvanı behiştdən qovdular, şeytan öz oğlu Xənnası gətirib bunlara nökər verdi. Ər və arvad bu nökərin əlindən təngə “Həmləyi-Heydəri” kitabından. gəldilər. Hərçi çalışdılar, onun əlindən qurtara bilmədilər. Axır bir gün Xənnası aldadıb, özləri ilə dərya kənarına aparıb, orada bunun bir qolundan, bir qıçından tutub atdılar dəryaya. Elə ki, Xənnas suyun dibinə getdi, xatircəm olub evə qayıtdılar. Evə yetişib gördülər ki, Xənnas qapıda əyləşib. Neçə gündən sonra Xənnası yenə aldadıb səhraya apardılar. Orada bir böyük ocaq qalayıb, Xənnası atdılar ocağın içinə. Xənnas yanıb kül oldu. Adəm və Həvva onun külünü havaya sovurub qayıtdılar. Gəlib yenə Xənnası qapıda oturmuş gördülər. Bu da olmadı. Bir müddət də keçdi. Bir gecə sübhədək ər-arvad fikirləşib sübh bir qazan su qaynadıb, Xənnası atdılar qaynar suyun içinə, Xənnas suda bişdi. Sonra Adəm və Həvva bişmiş Xənnası çıxardıb yedilər. O vaxtdan şeytan Adəm övladının qəlbində qalıb, onu hər bir pislik tərəfinə çəkir. “Nəfsi-əmmarə” buna deyirlər. Dəsturovun ərizə yazmaqda yədi-beyzasi var idi; hər məsələ xüsusunda, hər idarəyə ərizə yazardı. – Bəy, axır yağış yağmayır, nə etməli! Bağlarımız, əkinlərimiz yandı; bizə bir əlac! – Nə çətin işdir, bir ərizə yazaram, sabah yağış yağar. – Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı məhəl qoymur. – Bir ərizə yazaram, bir könüldən min könülə sənə bənd olar. – Bəy, bu ilin doludan və çəyirtkədən çox qorxusu var. – Ərizə yazaram, bir dolu düşməz və çəyirtkələrin də ağızları bağlanar. Ərizə yazmaq üçün bir tək elm kifayət eləməz. Mən ali təhsil görməmişəm. Bununla belə, mənim başım darülfünundursa da, yenə ərizə işində kar görməz. Əldən-ələ, qələmdən-qələmə çox təfavüt var. Kişinin ki, əqidəsi möhkəm oldu və xülusüqəlb ilə əlinə qələm aldı, onun ərizəsi daşdan keçər. Necə də ki, keçir. Dəsturov ərizələri və sair kağızları dəmir qələm və duru mürəkkəblə yazmaz idi. O deyirdi: – Bunları kafirlər icad ediblər. Odur ki, onlarla yazılan ərizələrin də təsiri olmur. Bəy həmişə təbrizlilər kimi qamış qələm işlədirdi. Rus hökuməti Qafqaza malik olandan sonra sabiq xanlıqların əhalisindən rus imperatorunun adına minlərlə ərizə göndərildi. Bu ərizələri göndərənlər ata-babalarına xanlar tərəfindən verilmiş bəyliyin və xanlığın təsdiq olunmasını rus hökumətindən rica edirdilər. Rus hökuməti bu ərizələrə cavab olaraq Gəncədə, Bakıda, Lənkəranda, Şuşada və sair xanlıqlar mərkəzində “bəy komissiyası” adında iyirmi dörd üzvdən ibarət bir komissiya tərtib edib, ərizə verənlərin və sair xahiş edənlərin həqiqi bəy olmaqlarının təftiş və müəyyən edilməsini bu komissiyaların öhdəsinə verdi. Komissiyanın birinə Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. O idi ki, bəyliyini sübut etmək istəyən birbaş gedərdi Dəsturovun qulluğuna. Dəsturov dəftərini açıb baxırdı. Elə ki, dəftərdə o şəxsin babasının adını tapdı, o saat bir qədər ondan para alıb, canişin dəftərxanasına bir ərizə yazıb, o adamın babasının filan nömrədə bəy yazılması haqqında “bəy komissiyası” işlərindən surət istərdi. Və surət də, əlbəttə, gələrdi. Bu iş Dəsturov üçün bir böyük mədaxil yolu olmuşdu. Və ömrünün axırınadək bu yolla dolanıb başı gora apardı. Dəsturovu cəhənnəmdə görəndə dedim: – Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Gözlərim qaraldı, başım gicəlləndi. Odabaşından xahiş etdim ki, məni tez buradan bir başqa yerə aparsın. Odabaşı dedi: – Gəl, bu yaxında bir kişi əyləşib. Görən tək tanıyacaqsan. Onun da halını görmək bəd olmaz. Odabaşının dalınca bir qədər gedəndən sonra oddan yapılmış bir böyük otağa daxil olduq. Otağın divarlarının uzunu kürələr tİkilmişdi. Hər kürənin qabağında bir nəfər əli kürəkli mələk dayanıb, kürəklə kürədən qızarılmış pullar çıxarıb, kürə ətrafında düzülmüş adamların qabaqlarına atırdı. Adamların başlarının üstündə, əllərində odlu taziyanə tutmuş taziyanə tutmuş mələklər onları döyüb, pulları saymağa məcbur edirdilər. Birdən bir səs eşitdim. – Atam-atam! Vurma, görürsən ki, sayıram. “Atam-atam” ləfzini eşidən tək, dostum hacını tanıdım: “Atamatam” onun təkyəyi-kəlamı idi. Hər kəslə danışsaydı deyərdi. Uzaqgörən Odabaşı dedi: – Bu yer xəsislər yeridir və sənə göstərmək istədiyim də haman bu kişidir ki, görürsən. Hacı Bakıda bir məşhur kişi idi. Istər dövlətdə, istər xəsislikdə. Neçə ədəd böyük imarətləri, gəmiləri, karvansaraları var idi. Bununla belə, gündə İki abbasıdan artıq xərc etməzdi. Yol uzaq olanda faytona minməzdi, çünki beş şahı fayton pulunu böyük xərc hesab edərdi. Həmişə qonkaya minərdi. Haraya istəsəydi, bircə şahı manata aparırdılar. Bəzi vaxt görürdü ki, yol uzaqdı, qonka da yoxdur, odur ki, faytona minmək lazım gəlir. Hacı dayanıb faytonları birbəbir ötürərdi: axırda cındır, ityatmaz fayton tapıb, ona yanaşıb, faytonçuya deyərdi: – Atam-atam! Sən bu gün axşamadək şəhəri boş-bekar dolanacaqsan! Heç kəs rəğbət eləyib, sənin faytonuna əyləşməyəcək. Üç şahı verim məni evə apar. Faytonçu deyərdi: – Ay hacı ağa, biz hamımız səni tanıyırıq. Sənin pulunun sayıhesabı yoxdur; belə simiclik nəyə lazımdır? Özün bilirsən ki, taqsı beş şahıdır; məndən İki şahı kəsib harana yamayacaqsan? Hacı cavab verərdi: – Yamadığım yeri yaxşı bilirəm. Mən dövləti beləliklə qazanmışam. İndi ki, çox danışırsan, bir abbası al. Axır faytonçunu bir abbasıya razı edib minərdi və deyərdi: – Bizim bu əyyamın cavanları hamısı acından öləcəklər. Çünki çıxacaqlarını bilməyirlər. Böyük dövlət sahiblərinin mayaları belə şahılarla əmələ gəlib. Hər qəpiyin qədrini bilsən, sən də axırda bir kişi olarsan. Mənim ticarətim var, “kontorum” var, alacağım-verəcəyim var. Görürsən, məsələn, bir nəfərə otuz, qırx min manat çatasıdır. Gəlib istəyəndə xahiş eləyirsən ki, üç gündən sonra gəlsin. Alıcı dinməyib gedir. Amma mənim üçün təfavütü çox olur. Otuz-qırx min manat bankda üç gün artıq yatanda filan qədər də artıq prosent gətirir. İndi, atam, belə-belə hesablar var. Bizim cavanlarımız, o cümlədən mənim oğlanlarım belə hesabları başa düşmürlər. Faytonçu faytonu qızğın sürəndə görürsən çıxardıb bir manat bağışlayırlar. Atam, nə üçündür bu? Məgər mənzilə beş dəqiqə gec çatanda qiyamət qopar? Fayton yavaş-yavaş gedər, canına da bir xəta toxunmaz. Mənzilə çatıb faytonçuya deyərdi: – Bax, atam sənə bir abbası manat verdim; amma nəsihətlərim min tümənə dəyər. Qulağında saxla, lazım olar. Günlərin bir günündə hacının bir gözü başladı xarablaşmağa. Qohuməqrəba hamısı hacıya göz həkimi yanına getməyi təklif etdilərsə də hacı qəbul etməyib dedi: – Bu göz həkimləri hamısı qulaq kəsən, cib kəsənlərdir; adamın cibini soyub, dərdinə də əlac etmirlər. Ya görürsən, üç gündə sağalası naxoşluğu altı ay uzadırlar. Yox, atam, mənim həkim işim yoxdur; atababa müalicələrindən eləyəcəyəm, qurtarsın getsin. Hacı bir gecə gözünə ağ ciyər bağlayıb yatdı. Bir neçə dəfə gözünə qız doğmuş arvadın südündən tökdürdü. Bir qonşu qarı, yumurtanın qabığını toz kimi edib, hacının gözünə səpməyi məsləhət gördü. Onu da elədilər. Bir özgə qarı dedi ki, göz ağrısının müalicəsi mirvari tozudur. Hacı bu müalicəni baha görüb qəbul etmədi. Xülasə, hacının gözü getdikcə xarablaşdı. Bir nəfər dərviş məsləhət gördü ki, təzə anadan olmuş kirpi balasını İki parça edib hacının gözünə bağlasınlar. Hər yeri axtardılar, təzə doğulmuş kirpi balası tapılmadı. Axırda hacını həkim çağırmağa razı etdilər. Həkim, hacının gözünə baxıb dedi: – Gərək məni vaxtında çağıraydınız. Gözün naxoşluğu şiddət edib. Amma yenə ciddi müalicə edilsə, ümid var ki, azar rəf ola. Hacı həkimə dedi: – Atam, sən gündə gəlib-gedib mənim üç manatlarımı çəkəcəksən, axırda da kim bilir gözüm sağalacaq, ya yox. Mən tacirəm, belə alışveriş mənə əl verməz. Sən gəl mənim gözümü “podrekə” götür. De görüm məndən neçə alıb, mənim gözümü sağaldacaqsan? Həkim hacıdan yüz manat istədi. Hacı cavabında dedi: – Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd və bir girvənkə çay verərəm. Sən mənim gözümü sağaldarsan. Həkim gülüb dedi: – Hacı ağa, belə də sövda olarmı? Sizin tək zəngin adama belə danışıqlar yaraşarmı? Yoxsa zarafat eləyirsiniz? – Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür ki, deyirəm. – Onda bağışlayın, başqa həkim çağırın; bəlkə razı oldu. Xudahafiz! – Xoş gəldin! Həkim getdi. Hacı yanındakılara göz gəzdirib dedi: – Mənim ömrüm keçib, ayağımın biri qəbirdədir. Yüz manatın yüz dərdi var. Mən bir gözlə də dolana bilərəm. Bir azdan sonra hacının bir gözü kor oldu. Ölənədək taygöz yaşadı. Bir gün hacı “kəntorunda” əyləşmişdi. Gəmi rəhbərlərindən birisi daxil oldu: – Salaməleyküm, hacı ağa! – Əleykəssalam, atam! Gəmi salamatmı gəldi? Yük çoxmu gətirdi? – Bəli, hacı ağa, salamat gəldik. Yükümüz hamısı səbzədir. – Səbzə yaxşı yükdür. Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az. – Hacı ağa, bir iş var. – Nə iş? – Yolda gəmi fırtınaya düşdü. Belə ki, hər bir dəqiqədə bədbəxtlik gözlənirdi. Mən nəzir etdim ki, gəmi salamat gəlib çıxsın, bir qurban kəsim. Buyurun qoyun almaq üçün kassadan pul versinlər. Hacının halı fövrən dəyişdi. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandirə” on manat versin. Sonra üzünü komandirə tutdu: – Atam, budur, sənə on manat verirəm. Get qoyun al, kəs! Ancaq bundan sonra bir də belə nəzirlər eləmə. Nəzir etmək istəyirsən deg nən:“Üç gün oruc tutaram”. Hacının əlləri yanaraq, pul saymasına bir qədər tamaşa edəndən sonra yaxınlaşdım. – Xoş gördük, hacı əmi, əhvalın necədir? – Əhvalımın necəliyi göz qabağındadır. Sən kimsən, tanıya bilməyirəm. Bəs səni niyə yandırmayırlar? Dedim: – Mən hələ diriyəm. Öləndən sonra bəlkə yandırdılar. Bu saat mən cəhənnəmə səyahətə gəlmişəm. Bir neçə gündən sonra qayıdacağam dünyaya. – Amandır, atam, mənim halətimi heç kəsə nağıl etmə. Yoxsa hamı məni behiştdə bilir. Yoxsa gedib “Kaspi”də-zadda yazarsan, abrım tökülər. Ancaq oğlumu görsən, ona xəlvətcə deginən ki, boş yerə mollalara pul verib mənə Quran oxutmasın, heç faydası yoxdur. Dedim: – Məgər oğlun hələ gəlib buraya çıxmayıbdır? O çoxdan gərək burada olaydı. – Yoxsa oğlum öldü? – Çoxdan! Təəccübəm, harada qalıb. – Deməli, mənim yurdum kordur? Bəs mənim evlərim, paraxodlarım, karvansaralarım? – Oğlun öləndən qabaq hamısını yöndəmə qoydu. – Necə? – Əvvələn, oğlun həştad min manat pul verib bir yaranallıq çini aldı... Hacı dik atıldı: – Ay səni şoğəribə qalasan, ədə ay or... yaranallığı neyləyirdin! Mən istəsəydim məvaciblə qapımda on yaranal nökər saxlardım. Sən də gedib, mənim tər töküb, qazandığım pulu verib yaranallıq alırsan? Vay səni yerə girəsən! – Hacı, dayan, sonrasına qulaq ver. Oğlun kluba üzv yazıldı. – Ay başın batsın! Milyonların var, otur ye! Klubda, qumarbazlar məclisində sənin nə işin var? Mən ömrümün axırınadək klubun qapısını da tanımadım. Qumarbazlara yoldaş olan özü də qumarbaz olar. – Elə də oldu. Sənin bankda nə qədər pulun var idi, hamısını baxtaladı. Ondan sonra evlər, paraxodlar, karvansaralar hamısı birbəbir getdi. Istəyirdi ki, içində oturduğu evi də satsın. Qohum-əqrəba yığılıb, onu evdən qovdular, qaldı küçədə. – Acından öldü? – Yox, toxundan öldü. Onun arvadından savay bir rus qızı da aşnası var idi. Sənin sağlığında da o qız var idi; səndən xəlvət saxlayırdı. Sənin pullarından ildə neçə min manat o aşnasına xərc eləyirdi. Axır vaxt oğlunu bir naxoşluq tutmuşdu ki, həkimlər o naxoşluğa “it aclığı” deyirlər. Sübhdən axşamadək yeyirdi, doymayırdı. Evindən qovulandan sonra aşnası onu yanına apardı, orada ölənədək... yedi öldü. Hacı bunu eşidən tək tarap, dəydi yerə. Ürəyi getdi. Mələklər odlu taziyanələrlə onu döyüb özünə gətirdilər. Ayağa qalxıb mənə yalvardı: – Atam sənə qurban, burada deyəsən sənin hörmətini saxlayırlar. Deginən mənə bir belə əziyyət verməsinlər. Dedim: – Hacı əmi, bu yerdə mənim sözüm keçməz. Ancaq sənə bir tədbir tökə bilərəm. Bu yaxında Dəsturov adında bir kişi var. Ərizə yazmaqda çox qoçaqdır. Ona deginən Allaha bir ərizə yazsın. Bəlkə bir fayda verdi. – Afərin! Yaxşıca tədbir tökdün. Rəhmətlik oğlu, keçəl dərman bilsə öz başına yaxar. Dəsturov qoçaqdır, çalışsın öz canını qurtarsın. Mənə onun ərizəsindən fayda olmaz. Özgə əlacın varsa, söylə. – Özgə əlac bilmirəm. Ancaq, hacı əmi, sən böyük oğlunla da nainsaf rəftar elədin. Yaxşı iş görmədin. – Necə? Nə elədim? – Daha nə eləyəcəksən. O yazıq özünü öldürəndən sonra gedib, onun öz əli ilə tikdirdiyi əmlaka, öz zəhməti ilə qazandığı mala sahib olub, onun arvadını, uşaqlarını ac küçəyə buraxdın. – Necə? Yoxsa mən xilafi-şər iş görmüşəm? Şəriətin hökmünə əməl eləmişəm. Get hansı molladan xəbər alacaqsan al. Oğul ki, atanın qabağında öldü, onun malı atasına keçər. İkincisi, onun uşaqları rus qızından olmuşdular. Ac qaldılar, cəhənnəmə qalsınlar. Amma kiçik oğlum əlimə keçsə onun atasına od vuracağam! Mələk kürədən bir kürək dolusu qızarmış pul çıxardıb hacının qabağına atdı və kürəklə də bir dəfə başından vurub dedi: – Bura boş danışıq yeri deyil, işinə məşğul ol. Hacı yenə əli yana-yana pulları saymağa məşğul oldu. Biz getdik. Odabaşı ilə bir qədər getdikdən sonra gördük bir nəfər ağsaqqal kişi əlində oddan bir süpürgə cəhənnəmin küçələrini süpürür. Hər dəfə yorulub dayanmaq istəyəndə mələklər odlu gürzlərlə təpəsindən vurub işləməyə məcbur edirlər. Odabaşı dedi: – Bu şəxsi ki, görürsən, mənim həmşəhərlilərimdəndir. Bizim yerlərdə buna müctəhid deyərdilər. “Carubkeşlər” (süpürgəçilər) küçəyə çıxanda məlum olurdu ki, ağa bir yana buyuracaq və küçələri süpürtdürməkdən məramı budur ki, özünün və məiyyətində gedən şəxslərin ayaqlarının altında qarışqa qalar. Qalıb qırılmasınlar. Məyazar muri ki, danəkəşəst Ki, can darədu cani-şirin xoşəst. Mən cavabında dedim: – Yəqin ağa bir şeyi ya unutmuşdu, ya xalqın gözünə pərdə çəkirdi. Özün fikir elə. Ağanın özünün və yanınca gedənlərin ayaqlarının altında çox qırılsaydı bir-İki yüz qarışqa qırılacaqdı. Amma onun carubkeşlərinin hər süpürgəsinin altında neçə yüz qarışqa qırılırdı. Odabaşı mənim sözümü təsdiq etdi. – Belədir ki var. Odur ki, ona cəhənnəmdə süpürgə çəkdirirlər. “Dən daşıyan qarışqanı da incitmə, çünki onun da canı var, can isə şirin və xoşdur” (Sədidən). Bəli, elə ki bunun xüsusi süpürgəçiləri küçəyə çıxardılar, tamam əhali ağanın ziyarəti üçün küçəni o yan-bu yan tuturdular. Bir də görürdün, ağa bir məxmər çullu uzunqulağın üstündə göründü. Camaatdan “salavat” səsi asimana bülənd olurdu. Ağa ağ ləbbadə, ağ əmmamədə hər İki tərəfə camaata baş əyərək, həzin səslə deyirdi: – Salaməleyküm, əleykəssalam; salaməleyküm, əleykəssalam! Xalq dalınca yüyürüşüb, uzunqulağının ayaqlarının izindən torpaq götürüb, tutiya kimi evlərində saxlayırdılar. O torpağı suya salıb, vəzi həmli çətin olan qadınlara içirdirdilər, sancılanmış uşaqların qarınlarına sürtürdülər və sairə, habelə yerlərdə işlədirdilər. Uşağı olmayan qadınlar gedib, qarınlarını ağanın qapısının dabanlığına sürtərdilər. Bu gördüyüm şəxs belə bir müqəddəs vücud idi. İndi qulaq verin bundan sizə bir keyfiyyət nağıl eləyim. Dedim: – Buyur. Odabaşı başladı. Odabaşının hekayəsi Bizim qonşuluğumuzda İbrahim adında kasıbca bir baqqal olurdu. Bir yaxşı fəqir, təmiz qəlbli, heç kəsə əziyyət verməyən, qonşuların xeyir-şərinə həmişə qabaqca gələn xoşsifət bir kişi idi. Bunun gözünün ağı-qarası Fərman adından bircə oğlu var idi. Fərman gözəl, qoçaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan keçən və atası tək təmiz, pak qəlb bir oğlan idi. İbrahimin Hacı Kamyab adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zəngin tacir sayılırdı. Onun ticarəti nəinki öz məmləkətində, hətta əcnəbi ölkələrdə də işləyirdi. Istanbulda, Bakıda, Tiflisdə, Batumda onun amilləri var idi. Rusiyanın hər şəhərinə onun malı işlərdi. Ildə bir dəfə hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına bələd olmaq üçün Rusiyanı, Türkiyəni gəzib qayıdardı. Həştaddan çox kəndi var idi. Bir böyük xalı, gəbə fabrİki var idi. Neçə yüz əmələ fabrİkində və kəndlərində işlərdi. Vaqonlar dolusu Hacı Kamyabın səbzəsi, kişmişi Rusiyaya gedərdi. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Hər il məhərrəm ayının birindən onunadək İmam ehsanı verərdi. Şəhərin hamı tüccarı, üləma və saldatı onun ehsanında cəm olurdular. Aşura günündən başlamış İmamın qırxınadək təkyə saxlardı. Təkyələrində çay və qəndab sel kimi axardı. Bununla belə, Hacı Kamyab qardaşı İbrahimin əlini tutmaz idi; deyərdi: “İkimiz də bir atanın, bir ananın uşaqlarıyıq. Atamız İkimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qazanan kimi o da qazansın”. Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Xeyr, İbrahim və oğlu Fərman tez-tez onun evinə gedib-gəlirdilər. Hətta bir para işlərinə də gedərdilər, evində ehsan ya təkyə olanda İbrahimi də oğlu ilə bərabər çağırardı. Çağırmasaydı da yaramaz idi, çünki xalq eyib tutub deyərdi ki, hacı qardaşı və qardaş oğlunu bəyənməyib ziyafətlərinə çağırmır. Hacı Kamyabın Gövhərtac adında bir gözəl qızı var idi. Fərman və Gövhərtac İkisi bir yerdə böyümüşdülər və həmsinn idilər. Bu İki cavan uşaq da bir-birinə bir bacı-qardaş məhəbbəti yetirmişdilər. Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb, axırda başqa bir surət aldı. Belə ki, Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bilmirdi. O səbəbdən Fərman hər gün səhərdən axşamadək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara səbzə doldurmaq, torbalara kişmiş basmaq, arabaları, ulaqları yükləmək... Bu zəhmətlərin hamısını Fərman mükafatsız çəkirdi. Onun mükafatı gündə bir neçə dəfə Gövhərtacı görmək idi. Hacı Kamyab əhvalatı gözəlcəsinə anlamışdı. Ancaq bir şey büruzə verməyərək, Fərmanın zəhmətindən istifadə edirdi. – Müftə hambaldır, qoy işləsin. Onun xəyalından mənim qızımı almaq keçir. Qoy xəyal-plovdan nə qədər yeyəcək yesin. Mən qızımı ərə vermək istəsəm, özümə yaraşan bir şəxsə verərəm, nəinki acın birisinə. Çox da mənim qardaşım oğludur. Bir gün Hacı Kamyab qardaşı İbrahimi və Fərmanı çağırıb xəbər verdi: – Sabah Xudayar xan mənə qonaq gələcək. Gərək İkiniz də burada olub, onun özünə və atlarına qulluq edəsiniz. Ata və oğul “baş üstə” deyib getdilər. Xudayar xan ətrafın ən zəngin, ən güclü xanı hesab olunurdu. Beş min nəfər rəiyyət nə bağlarının məhsulunu, nə taxılını, nə qoyununun yununu xandan biizn heç yana çıxarda bilməz idi. Malını kimə və neçə qiymətə xan buyursa idi, elə də satardı. Yun, pambıq, xüşkəbər, buğda almaq istəyən tacir gərək qabaqcadan xanla görüşəydi. İkilikdə malın qiymətini qət edəndən sonra xan malın haman müəyyən olunmuş qiymətə satılmasına əmr verərdi. Söz yox ki, burada İki qiymət təyin olunurdu. Biri xanla tacirin, o birisi, rəiyyətlə tacirin aralarında. Xudayar xanın rəiyyətinin məhsulunu həmişə Hacı Kamyab alardı. O idi ki, belə qonağı layiqincə qəbul etmək lazım gəlirdi. * * * Sabahı günü Hacı Kamyabın özü və əmələsi sübhdən durub, əziz qonağın gəlməsinə hazırlaşırdılar. Hacı talvarda əyləşib əmr verirdi. Əmələ itaət edərək işləyirdi. Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Döşlüklü, başında araqçın, qol çırmaqlı məşhur aşpaz usta Rəsul qazanları su ilə doldurub, altından od vurub, qaynamasını gözləyirdi. Şagird yerdə əyləşib ət doğramağa, soğan doğramağa, məğzi-badam, badımcan, albuxara təmizləməyə məşğul idi. İbrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi; Fərman saatda bir bazara qaçıb, lazım olandan alıb qayıdırdı. Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa kimi qaynamaqda idi. Su gətirən kim, odun yaran kim, qazan altına tez-tez odun atan kim, düyü yuyan kim... Hamıdan artıq ürək və həvəslə işləyən Fərman idi. Onun qəsdi, özünün çapuq və karkün olmasını həm əmisinə və həm tez-tez pəncərə qabağına gəlib, ona baxıb şirin gülən Gövhərtaca göstərmək idi. Fərman yəqin etmişdi ki, əmisi onu oğulluğa götürüb, Gövhərtacı da ona verəcək. Gövhərtac da bu fikirdə idi. Hacı Kamyabın da ki, ürəyindəkini ərz elədim. Günorta zamanı plov hazır olub dəmə vuruldu. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Hacı bir dəstə də şəhərin ən məşhur sazandalarından xanın naharında oxuyub çalmaq üçün hazırlamışdı. Böyük talvarda süfrə salınmışdı. Ənvai-şərbət, mürəbbə, halviyyat süfrənin üzərinə düzülmüşdü. Hacı Kamyab şəhərin əyan və tüccarlarından da iyirmi-otuz nəfər xanın naharında iştirak üçün dəvət etmişdi. Günorta namazından sonra qonaqlar yığılmağa başladılar. Bir azdan sonra şəhərin darvazasında qoyulmuş xüsusi adam yüyürərək özünü yetirib, xanın gəlməyinin xəbərini gətirdi. Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Az keçmədi ki, xan dalınca iyirmi beş nəfər müsəlləh və qoçaq atlı olaraq, varid oldu. Fərman qabaqca yüyürüb xanın atının başından və üzəngisindən yapışdı. Fərman artıq xanın xoşuna gəldi. Hacı Kamyabla əl tutub xəbər aldı: – Hacı, bu oğlan kimdir? – Qurban, bu mənim qardaşım oğludur. – Afərin! Yaxşı və qoçaq oğlana oxşayır. Çox xoşuma gəldi. – Nökərinizdir, qurban! Xanın atlıları da atlarından endilər. Xan bir neçə saniyə Fərmanın üzünə baxıb, hacı ilə bahəm içəri daxil oldu. Xanın adamlarından bir nəfəri əlində bir mürəssə mücrü xanın dalınca, həmçinin, içəri girdi. Mücrünü gördükdə Fərmanın bir qədər ürəyi düşdü. Xan talvara daxil olanda qonaqlar hamısı ehtiramla ayağa qalxdılar. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə qərar tutub əyləşdi. Qonaqlar qabaqca şirin çay verilib, dalınca əl suyu gəldi. Nahar başlandı. Böyük məcməyilərdə plov gətirilib, süfrəyə qoyuldu və xuruşlar birbəbir gətirilməkdə idi. Xalq yeyib-içməyə məşğul olub, sazandaların oxuyubçalmasından həzz aparırdılar. Məclislə əndərunun arasında dolanan Fərman idi. Tez-tez əndəruna girib, oradan qonaqlar üçün qəndab, qəhvə və qəlyan gətirirdi. Əndəruna daxil olub, Gövhərtacın üzünə baxanda ürəyindən bir dərin ah çəkirdi. Gövhərtac bu haləti ondan görüb, anasının yanında səbəbini soruşmağa cürət edə bilmirdi. Nahar axşam azanınadək uzandı. Axır qonaqlar bir-bir “xudahafiz” edib evlərinə getdilər. Xan o gecə Hacı Kamyabın evində yatıb, sübh getməli oldu. * * * Axşam xanla Hacı Kamyab birlikdə qalxıb, bir qədər alış-veriş və haqqhesab söhbətinə məşğul oldular. Axır xan dedi: – Hacı Kamyab, bizim aramızda budur, neçə müddətdir rəfaqət var. Bu neçə ildə sən mənimlə və mənim rəiyyətimlə əlaqədarsan. Cavahiratla zinətlənmiş. Sənin bizimlə gözəl rəftarın, rəiyyətə göstərdiyin insaniyyət hamının ürəyini sənə bənd edib. Bu gün buraya gəlməkdən mənim məqsədim səninlə buğda, pambıq hesabı çəkmək deyildi. Özgə bir məramla mən buraya gəlmişəm. Hacı hərçəndi xanın məqsədini mücrüdən duymuşdu, yenə diqqətlə qulaq asıb, “bəli, bəli” deyirdi. – Biz İndiyədək dost olmuşuq. Bundan sonra da gəl qardaş olaq. Mənim oğlum Gəray xan böyüyüb, evlənmək vaxtıdır. Sənin də evində bir qızın var. Gəl, sən mənim oğlumu özünə oğulluğa götür. Mən də sənin qızını qızlığa götürüm. Mən çox fikir edib gördüm ki, səndən savay heç bir kəslə mənim qohumluğum tutmayacaq. Ümid edirəm ki, sən də mənim xahişimi qəbul edib bu mücrünü mənim qızıma verərsən. Bu izdivac hər İki tərəfin əqidəsincə faydalı idi. Xudayar xanın, doğrudur, dövlətinin, malının hesabı yox idi. Hacı Kamyabın da vəfatından sonra, pulu, əmlakı xanın oğluna keçsə, daha da sərvəti və qüvvəti artar. Hacı Kamyab üçün də Xudayar xan kimi şəxslə qohum olmağın ticarətinə mənfəəti aydın idi. Hacı mücrünü qəbul edib dedi: – Xan, mən sizin kəmtərin nökərinizəm; qızım da kənizinizdir. Mənim sizin xahişinizdən boyun qaçırmağa ixtiyarım yoxdur. Xan “Allah mübarək eləsin” deyərək hacı ilə öpüşdü. Hacı mücrünü əndəruna aparıb, gülər üzlə arvadına verib dedi: – Arvad, həm bizim üçün, həm Gövhərtac üçün belə xoşbəxtlik yuxumuza da girməz idi. Xudayar xan kimi şəxsin qohumu olmaq bizim üçün böyük başı ucalıqdır. Mənim tay-tuşlarımdan heç biri belə səadətə nail olmayıblar. İndi cəmi şəhər bu əhvalatı danışacaq. Bazarda məni barmaqla göstərəcəklər. Böyük səadətdir! Çox böyük səadət! Arvad da sevinə-sevinə mücrünü alıb dedi: – Bəs sən bunu demirsən ki, mən Gəray xanın qayınanası oluram. O günü hamamda başıma su tökürəm, gördüm bir nəfər arvad yanımdakına deyir: – O başına su tökən kimdir? Ona deyin bir az kənara çəkilsin. Suyu üstümə sıçrayır. Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamyabın arvadıdır, dedi: – Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İbrahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin. – Sonra baxam görəm kim? Ac Kamran xanın arvadı. – O Kamran xan ki, mənə İki min tümən borcludur? İndi verməyə də pulu yoxdur. – Haman özüdür. Dəvədən yıxılıb “höt-hötünü” əldən qoymur. Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona özüm çimib çıxıncahamama girməyə izn verməyəcəyəm. Qoy desinlər: – Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir. Hacı dedi: – Çox gözəl. Bunlar sonranın işidir. Mən geyirəm xanı yola salam. Sən də qızını çağır, özün xəbər ver. Hacı Kamyab çıxandan sonra arvad qabaqca mücrünün qapağını açıb tamaşa elədi. Mücrü qiymətli cavahiratla dolu idi. Hacı Kamyabın evində də cavahirat az deyildi. Amma arvadının zənnincə bu mücrüdəki cavahirat hacının cəmi dövlətinə bərabər idi. Mücrünün özü də ziqiymət idi. Arvad Gövhərtacı çağırdı. – Qızım, bax gör, Xudayar xan sənə nə gözəl peşkəş gətiribdir. Bunu deyib mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Qız mat dayanıb, bir şey anlamayaraq anasının üzünə baxdı. – Niyə sevinmirsən, qızım? Sənə böyük bəxt açılıb. Bundan sonra cavahirat gölündə üzəcəksən. Tezliklə on min can rəiyyətin xanımı olacaqsan. Qız heç vaxt güman etməzdi ki, atası onu Fərmandan savay başqa adama versin. Anasından aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Anasının axırıncı sözləri onu ayıltdı. Qız bircə bunu dedi: – Yox... ana... can! Gözlərindən sel kimi yaş axdı... Anası qızına acıqlandı: – Çəkil get, dinməz otur yerində! Qız uşağısan, sənin üçün eyibdir. Atan gəlib səni bu halətdə görsə, bil ki, başını it qibləsinə kəsər. Get öz mənzilində otur. Qotur Fərman İndi Xudayar xanın oğluna tay olacaq? Get, bala, ağlını başına cəm elə və otur yerində. Adam tanrısına təpik atmaz. Qız gözü yaşlı getdi. Bizim yerlərin rəsminə sən bələdsən. Ata istəsə ki, qızını yoldan ötən avaranın birinə versin, gərək qız tabe olub danışmasın. Kişinin xahişinin müqabilində arvad səsini çıxarda bilməz. Gövhərtacın anası yəqin ki, qızının xoşbəxt olmasını istəyirdi. Ancaq nə ərinin qarşısında bir söz deyə bilərdi, nə də şəhərin sair arvadlarının qarşısında özünü çəkməkdən geri dura bilərdi. Ürəyində deyirdi: – Qızdır, bir-İki gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə dünya yadından çıxar. Gövhərtac o günü axşamadək ağladı. Ondan sonra anasının yanında qız özünü şad, xürrəm göstərib, xəlvətə çəkiləndə göz yaşı axıdırdı. Bir-İki gündən sonra əhvalat cəmi şəhərə yayıldı. Tacirlər, əyan, haman bu süpürgəçəkən Mirzə Əhməd ağa Hacı Kamyabı təbrik etdilər. Hətta Mirzə Əhməd ağa bir ədəd ibrə şalından canamaz, bir “Cameüddəvat”, bir təsbihi-səddanə və bir möhür qız üçün ənam göndərdi. Şəhərdə ancaq İki nəfər qəmgin və başı aşağı gəzirdi. Biri İbrahim idi, o birisi də oğlu Fərman. Fərman evdə əyləşib dost-aşna arasına çıxmaqdan xəcalət çəkirdi. Axır bir gün atasına dedi: – Ata, doğrusu, mən bu namusu yeyə bilməyəcəyəm. Mən məgər Xudayar xanın oğlundan əskik oğlanam? Mənim namərd əmim onun nəyinə susadı? Dövlətinəmi? Məgər mənim əmimin dövləti azdır? Onun var-yox bircə qızı var. Insafı necə yol verir ki, mənim kimi, ona satın alma qul tək qulluq edən qardaşı oğlunu buraxıb, qızını xan oğluna verə? Və sonra özü də gedib, haman xan oğlunun qapısında əli bağlı durub, icazə verməyincə də içəri daxil olmağa cürət eləməyə. Mənim İndi heç bir yolum qalmayıb. Mən əmim qızının fəraqına davam eləyə bilməyəcəyəm. Gərək Gəray xanı da, əmimi də, özümü də öldürəm. Qoy mənə qismət olmayan, heç kəsə qismət olmasın. İbrahim oğluna nəsihət elədi: – Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, öldürəcəyəm nədir? Əmin bizim tək kasıblarla yaxınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də yıxılır. Sən özün də gözəl, qoçaq, cavanlar arasında sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən sənə verər. Əmin, qızını vermədi nə olar? Çıraq dibinə işıq salmaz. – Ata, mənə dövlət lazım deyil. Əmim dövlətini kimə verəcək, versin. Mən çörək qazanmaqda aciz deyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə. Mənə ancaq öz istəklim lazımdır. Mən yoldaş arasına çıxa bilməyirəm. Mənim heç bir başqa yolum yoxdur. Dini, mövhumi qayda-qanundan danışan kitab. * * * Hacı Kamyaba arvadı, Gövhərtacın naxoş olmasını xəbər verdi. Hacı bərk təşvişə düşüb qızının otağına getdi. Qız yorğan-döşəkdə uzanmışdı. Hacı, qızının rəngini qaçmış görüb xəbər aldı: – Qızım, sənə nə olubdur? Niyə yatıbsan? – Bir şey yoxdur, ata, deyəsən soyuq dəyibdir. Bir az başım ağrıyır. Heç zad olmaz, bir az tərlərəm, qurtarar. Hacı gəldi arvadının yanına. – Qız naxoşdur, naxoşluğunun da səbəbini bilirəm. Bizim İbrahimin avara oğlunun fikri düşüb başına. Mən onun yanında bu söhbətləri eləməyəcəyəm. Ona sən nəsihət elə. Xudayar xan hara, baqqal İbharim hara? Gəray xan hara, Fərman hara? Ancaq mən onun naxoşluğunun şiddət etməyindən qorxuram. Yaxşı olar ki, həkimbaşı Mirzə Mehdiyə adam göndərəm, gəlsin, bir baxsın. Ancaq qızın toyunu da uzatmaq lazım deyil. Əndərundan çıxıb, nökərlərdən birini Mirzə Mehdi üçün göndərdi. Mirzə Mehdi gəlib qızın nəbzini əlinə alıb, sonra barmağını alnına qoyub, bir qədər fikrə gedəndən sonra dedi: – Qızın mərəzi anlaşılmaz bir mərəzdir. Mən qırx beş ildir ki, təbiblik edirəm, belə bir mərəzə rast gəlməmişəm. Lazımdır, bir üç gün keçsin. Üç gündən sonra mən yenə gələrəm. Onadək xəstənin mərəzi anlaşılan bir tərzə keçər. Həkimbaşı getdi. O, doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ancaq məhəbbət mərəzinə bir dərman tapmaqdan aciz idi. Həkimbaşı gedəndən sonra Hacı Kamyab bir adam göndərib qardaşı İbrahimi yanına çağırdı. İbrahim haman saat durub, dükanını bağlayıb gəldi. Hacı Kamyab İbrahimi otağına apardı. – Əyləş, qardaş, – dedi. İndiyədək qardaşından bu mehribançılığı görməmiş İbrahim, vəziyyətə çox təəccüb edib, qardaşının yanında dizi üstündə əyləşdi. Hacı Kamyab dedi: – İbrahim, mən səni bir işdən ötrü çağırmışam. Sənin oğlun Fərman qoçaq bir oğlandır. Onun bikar və avara gəzməyi, doğrusu, mənə toxunur. Nə qədər olsa, ona Hacı Kamyabın qardaşı oğlu deyirlər. Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Bu min tüməni də mənim tərəfimdən ona yetir. Degilən, əlində maya qayırsın. Əgər işində tərəqqi görsəm, ona yenə maya buraxaram. Mən onun düşməni deyiləm. Həmişə onun yaxşı olmağını istəyirəm. Ancaq onun tay-tuşunu, boş gəzməyini görəndə ondan inciyirəm. Degilən ağlını başına cəm edib, kasıblığa məşğul olsun. Mənim də əlim həmişə onun üstündə olar. Daha deməsinlər ki, Hacı Kamyabın qardaşı oğlu avara gəzir. Belə pulları cibində görməmiş İbrahim sevinə-sevinə evə gəlib oğlunu çağırdı. – Bala, bu pulu, sənə əmin Hacı Kamyab göndərib. Bikar oturmaqdan fayda yoxdur. Özün üçün bir ticarət düzəlt. Həm əlin işdə olsun, bikar gəzməyəsən, həm ticarətlə məşğul olasan. Bir para fikirləri başından çıxar. Əmin deyir bundan sonra ona artıqlığınca maya verəcəyəm. Ancaq bikar gəzməsin. Fərman pulu alıb bir qədər əlində dolandırdı. Sonra dedi: – Ata, əmimin birdən-birə belə səxavət üstünə gəlməyinə səbəb nə olubdu? Bəs İndiyədək niyə bu pullardan verməyirdi? Yoxsa məni gözü İndi gördü? Ya yoxsa belə ənamlarla mənim ağzımı yummaq istəyir? Al pulları, apar ver Hacı Kamyaba, degilən dövlətini azaltmasın, yaxşı olmaz! Fərman bu sözləri ilə pulu atasının qabağına qoydu. İbrahim yenə başladı nəsihəti: – Ay bala, özün işimizin hər üzünü görürsən. Mənim bir balaca baqqal dükanım var ki, kökündən satsan, bu pulun üçdən biri ələ gəlməz. Min tümən elə bir sənin kimi igidin mayasıdır. Əlində dolandır. Bu şəhərdən mal al, o şəhərə apar. Oradan al, buraya gətir. Güzəranımızın necə çətinliklə keçməsini özün görürsən. İbrahimin nəsihəti oğluna əsla təsir etmədi. Oğlu dedi: – Ata, mən sənə söz verirəm ki, sabahdan işləyib çalışmağa başlayacağam. Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır; deyir, bir-İki il mənə məvaciblə qulluq elə, sonra səni özümə şərik elərəm. Əmimin sədəqəsinə möhtac olunca gedib Hacı Rəhmana qulluq elərəm. Hacı Kamyabın pulunu sabah aparıb özünə verərsən. İbrahim, oğlunun inadını görüb daha bir söz demədi. Bir dərin ah çəkib pulları qoydu cibinə. * * * Azandan bir saat keçmişdi. İbrahimin qapısı döyüldü. Fərman qapını açıb, öz yaxın yoldaşlarından dörd nəfəri görüb çox şad oldu. – Buyurun, buyurun, içəri gəlin. Yoldaşlar otağa daxil olub, bir-bir Fərmana sual verməyə başladılar: – Ay balam, bu neçə gündü harada qalıbsan? Heç görünmürsən. Fikir elədik ki, sənə bir naxoşluq üz verib. Şükür Allaha ki, sağ-salamatsan. Fərman yoldaşlarının gəlməklərindən çox məmnun olduğunu izhar etdikdən sonra dərdini söyləməyə başladı: – Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb belə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Mən heç vədə güman etməz idim ki, o məni qoyub qızını başqa bir adama verə. Xudayar xan dövlətlidir. Məgər əmimin dövləti ondan azdır? Əgər əmim dövlətinin Xudayar xanın oğluna qalmasını istəyirsə, aparsın versin ona. Amma mənim istəklimi əlimdən almasın. İndi nə mənim mümkünüm var ki, gedəm əmimlə danışam, nə də mənim atamda bu cürət var. Odur ki, gecələr yata bilmirəm. Yediyim çörək boğazımdan getmir. Məgər kasıb adamın ürəyində məhəbbət olmaz? Yoldaşları ona təskinlik verməyə başladılar: – Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Əmin, qızını sənə verməyib, Xudayar xanın oğluna verib, cəhənnəmə versin, gora versin. Biz də dedik ki, görəsən nə vaqe olub. Belə fikirləri başından boşla getsin. Şəhərdə sənin əmiyin qızından gözəl qızlar az deyil. Yoldaşlarından birisi təskinlik verənin sözünü kəsdi: – Qardaş, – dedi, – bu bir danışıq deyil ki, sən eləyirsən. Biz hamımız adımızı igid qoymuşuq. Əgər hər işi çətinə düşən yoldaşımızı belə boş nəsihətlərlə sakit edəcəyiksə, afərin olsun bizə! Yoldaşımız çətinə düşüb, kömək lazımdır. Biz onu öz istəklisinə yetirməsək, gərək papaqlarımızı itə verək. – Axır, burada nə eləmək olar? – Hər şey! Gedək, köməkli Hacı Kamyabın qızını götürək qaçaq. – Hacı Kamyab kimi kişinin qızını götürüb qaçmaqmı olar? – Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar. Ancaq qızın razılığı olsun. Buna da şəkk yoxdur. Pusqu qoyarıq. Qız hamama gedən vaxt yoldan ağzını başqa yerə döndərərik. Ancaq bir növ qızı pişəzvaxt xəbərdar eləmək lazımdır. – İndi çətinlik burasındadır ki, kənardan bir şəxsin Hacı Kamyabın əndərununa yolu yoxdur. Bu yerdə Fərman guya yuxudan ayıldı. – Mən yol taparam, qızı xəbərdar elərəm. – İndi ki elərsən, çox gözəl! Fərman yenə dedi: – Mənim adamım var, ancaq qızı kimin evinə aparmalı? Çünki şəhər əhlindən bir nəfər cürət edib Hacı Kamyabın qızını evində gizlətməz. – Qızı birbaşa apararıq Hacı Mirzə Əhməd ağanın evinə. Göydən göy İmam enə, onun evindən qızı çıxarda bilməz və Hacı Kamyab da onun xahişlərinin qarşısında bir söz danışmağa cürət etməz. Yoldaşlar hamısı bu tədbiri xoşladılar. – Vaxta ki, Fərman qızı xəbərdar etməyə qadirdir, bizim sözümüz yoxdur. Yoldaşlar bir qədər də kənar söhbətlər edib çay içib dağıldılar. Bunlar gedəndən sonra, fərman atasının otağına keçdi. – Ata, bayaq sənə verdiyim min tüməni bura ver. – Ay oğul, nə olub, yoxsa yoldaşların sənə nəsihət elədilər. Ağlın başına gəldi? – Elə bir iş var. İbrahim qalxıb, pulu gətirib oğluna verdi. Fərman pulu alıb otağına getdi. * * * Sübh həkimbaşı Mirzə Mehdi evində əyləşib xəstələri qəbul edirdi. Içəri daxil olan Fərmanı görəndə təəccüb elədi. Fərman salamat, qüvvəli bir oğlan sayılırdı. Sifətində də heç mərəz nişanəsi görünmürdü. Həkimbaşı ona yanında yer göstərdi. – Gəl, gəl! Nə əcəb sən də mərizlər cümləsinə daxil olubsan? Gəl əyləş, görüm dərdin nədir? Fərman ədəblə əyləşib dedi: – Həkimbaşı, mənim dərdim böyük dərddir. Siz özünüz gərək dinməmiş biləsiniz. Sizə məlumdur ki, uşaqlıqdan əmim Hacı Kamyabın evində onun qızı Gövhərtacla bir yerdə böyümüşəm. Uşaqlıqdan biribirimizə yoldaşlıq məhəbbəti yetirmişik. Bu məhəbbət axırda özünün təbii yoluna düşdü. Biz bir-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genitdi. Bu da təbii idi. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi birbirimizdən ayırmayacaq. Və cəmi qohum-əqrəbanın da yəqini bunda idi. Hamı deyirdi: “Hacı Kamyabın dövlətinin həddi-hesabı yoxdur. Əlbəttə, o heç vaxt istəməz ki, bu dövlət kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını öz qardaşı oğluna verəcək: dövlət də yad adama qalmayacaqdır”. İndi Xudayar xana söz verib, hətta ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da o gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgər inki eşq. – Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir? – Həkimbaşı, bu yerdə siz mənə kömək verə biləcəksiniz. – Mən nə kömək verə bilərəm? – Siz Gövhərtacı müalicə edirsiniz. Hər gün onunla görüşürsünüz. Mənim bircə sifarişimi ona yetirin. – Nə sifariş? Degilən, yetirərəm. – Allah sizdən razı olsun, həkimbaşı. Mən qət eləmişəm ki, bir neçə yoldaşlarımın köməyi ilə onu gecə aparım. Siz ona ancaq deyəsiniz ki, azandan bir saat keçmiş əndərunun qapısına çıxsın. Həkimbaşı bu təklifdən bərk hiddətləndi: – Bu nə növ təklifdir ki, mənə eləyirsən? Sən bu təklifin qəbahətini anlayırsanmı? Mənim boynuma atdığın vəzifəni düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir; amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və sənin əmin Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək get. Gör bir küpəgirən qarı tapa bilərsənmi; belə sifarişləri onunla göndərəsən. Fərman başladı yalvarmağa: – Həkimbaşı, siz görürsünüz ki, mən cavanam. Bu saat başıma hava vurub, danışdığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərəzlərə dərman edirsiniz. Vaxta ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü siz necə qəbul etməyirsiniz? Mənə rəhm edin, həkimbaşı. Bu xırdaca töhfəni də məndən qəbul edin. Fərman bu sözü ilə atasından aldığı min tüməni də həkimbaşının qabağına qoydu. Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi. – Oğul, bu pul nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki, bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır. – Yox, həkimbaşı, təvəqqe edirəm, qəbul edəsiniz. Bu xırdaca töhfə mənim mərəzimi müalicə etməyinizin həqqi-zəhməti olsun. Həkimbaşı sifarişi Gövhərtaca yetirməyi qəbul etdi və söz yox ki, “xırdaca töhfəni”də cibinə ötürdü. * * * Həkimbaşı Gövhərtacla görüşüb əndərundan çıxdı və qapıda Hacı Kamyaba rast gəldi. – Həkimbaşı, qızın mərəzini tapa bildinizmi? – Gözəlcəsinə tapdım. Bu gün, olsun ki, ayağa duracaq. Həkimbaşı gedəndən sonra hacı içəri daxil olub qızında başqa halət gördü. Qız durub libasını geyinib, şad və gülər üzlə əyləşmişdi. Atasını görən tək durub qabağına yeridi. – Sabahın xeyir olsun, ata! Həkimbaşı bu gün mənə bir gözəl dərman verdi. Içən tək cəmi mərəzlərim rəf oldu. İndi daha heç bir ağrıyan yerim yoxdur. Özüm də bilmərrə salamatam. Hacı Kamyab sevinmiş gedib arvadına xəbər verdi. Arvad da o saat durub qızının yanına yüyürdü. Qızını sağ və salamat görüb dedi: – Yox, bu dərman işi deyil. Dünən mən gedib İmamzadada şam yandırdım. İmamzada mənim qızıma kömək elədi. Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz. Qız gülərək anasının sözünü təsdiq etdi. Bir qədər bizim məmləkətimizin İmamzadalarından sizə söyləyim, eyib eləməz. Sonra mətləbə keçərik. – Buyurun, odabaşı. – Bizim məmləkətdə bir kənd və bir şəhər tapa bilməzsiniz ki, orada bir neçə İmamzada olmasın. Bir balaca, on min əhalidən ibarət olan şəhərdə on altı İmamzada var. Hansı bir şəhərə gedib xəbər alsanız ki, İmamzada haradadır, fövrən bir İmamzada yox, neçəsini göstərəcəklər. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Bu səbəbdən də hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi. Xalq islamı qılınc zoruna qəbul edəndən sonra da öz ata-baba dinindən əl çəkmək istəməyib və atəşgədələri əldə saxlamaq üçün hər brinə bir İmamzada adı qoyublar. Qədim dinin asarı İndi də durur. Məsələn, indi də eşidə bilərsiniz: “O görükən Aya and olsun”; ya “bu çırağa and olsun”; ya “bu yanan ocağa and olsun”; ya “o günə and olsun” və i.a. Hətta camaat keçmiş atəşpərəstlik ayinini İndi də Məşhəddə İmam Rzanın başının üstündə icra edir. Qədim zaman gün çıxanda onu şeypur, təbil və sinclə istiqbal edirdilər. Həmçinin gün batanda da onu habelə müşayiət edirdilər. Halhazırda bu oyun İmam Rza məscidinin minarəsində çıxır. Hər gün minarənin başında sinc, təbil və şeypurla günü istiqbal və müşayiət edirlər. Bir qədər şəhərlərimizdən söyləyim: Bizim vətənin şəhərinə yaxınlaşanda böyük bir hasar və darvaza görəcəksiniz. Darvazalar gecələr bağlanır və sübhdən axşamadək açıqdır. Şəhərə daxil olanda qabaqca bir böyük meydan görəcəksiniz ki, ona ərk deyirlər. Bu meydana neçə ədəd şah Təhmasibdən qalmış toplar qoyublar və topların içində göyərçinlər yuva tİkiblər. Şəhərin ortasında bir meydança görəcəksiniz ki, adına “Səbzi meydan” deyirlər. Bunu güldən, çiçəkdən və ağacdan da görmək olur. Bu meydan əhalinin səyahət yeridir. Şəhərlərin küçələri İki cərgə quru divardan ibarətdir. Nə bir pəncərə, nə bir balkon küçəyə baxmaz. Əgər bunlar evlərin birində tapılsa, yəqin bilərsiniz ki, xarici evidir. Divarlarda xırdaca dəriçələr var. Hər qapıdan bir çəkic asılıb. Çəkiclə dəqqülbab edirsən. Elə ki qapı açıldı, daxıl olursunuz bir dəhlizə. Dəhlizin bir qapısı sağa və o birisi soladır. Kişilər qapıların birindən “birun”a keçir, qadınları o biri qapıdan “əndərun”a buraxırlar. Əndəruna ya biruna daxil olanda hər tərəfdə bir behişt görürsünüz. Burada hər bir sahibxana öz səliqəsini göstərir. Fəvvarələr, hovuzlar, dünyanın hər bir yerindən toxumu, ya ağacı gətirilmiş güllər, qəfəslərdə cürbəcür oxuyan quşlar, ağacların arasında tovuzlar rəngarəng qanadlarını açmış gəzinməkdədir. Xülasə, belə bir bağçaya girən daha bir də oradan çıxmaq istəməz. Əndərun bağçasında qadınlar və birunda kişilər rahat, asudə gəzib vaxt keçirirlər. Qadınlar yəqin bilirlər ki, bir nəfər naməhrəm nə onların üzlərini görə bilər və nə səslərini eşidər. Odur ki, orada hər növ libas geymək, hətta libassız da gəzmək caizdir. Çox vaxt qadınlar libaslarını çıxardıb hovuzda çimirlər. Ev sahiblərindən savay bir nəfərin əndəruna girməyə ixtiyarı yoxdur. Belə bir ev də Hacı Kamyabın var idi. Onun bağçasının tərifi dillərdə söylənirdi. Hətta Xudayar xan kimi şəxs də onun bağçasına bənd olmuşdu. Axşam Gövhərtac əndərun bağçasına səyahətə çıxdı. Gündüzdən anasından bir qədər cavahirat da alıb özünə zinət vurmuşdu. Bağçada ürəyi döyünərək dolanıb vəd olunmuş saatı gözləyirdi. Ata və anası onun salamatlığa çıxıb bağçada gəzməyindən daha şad olub, heç bir bəd güman etməyirdilər. Müəyyən vaxtda küçə qapısı üç dəfə vuruldu. Nökər gəlincə Gövhərtac özünü dəhlizə atıb qapını açdı. Əmioğlusu yoldaşları ilə bahəm durmuşdular. Əlini Fərmanın əlinə verib cəld getdi. Yatmaq vaxtı yaxınlaşanda, Hacı Kamyabın arvadı, qızını yatmağa çağırmaq üçün bağçaya çıxdı. – Ay qız, Gövhərtac, yatmaq vaxtıdır, yorğan-döşəkdən təzəcə durubsan, soyuq dəyər. Anası hərçi səslədi, Gövhərtacdan cavab gəlmədi. Bağçanı başdanbaşa gəzib qızını tapmadı. Müztərib halətdə qayıdıb qızının itməyinin xəbərini ərinə yetirdi. Hacı Kamyab namazını qurtarıb yatmaq istəyirdi. Xəbəri eşidən kimi nökərlərin hamısını ayağa qalxızdı. Qızın Fərmanla qaçdığını yəqin edib, birbaş qardaşı İbrahimin evinə getdi. İbrahim qapının döyülməsini eşidib, soyuncaq gedib açıb, Hacı Kamyabı görəndə təəccüb etdi. – Qardaş, bu gecə vaxtı xeyirdirmi? Sən ki, gündüz də mənim evimə gəlməzsən. İndi nə vaqe olubdur? – De görüm oğlun Fərman haradadır? – Fərman azan vaxtı yoldaşları ilə getdi. Qapı döyüləndə də mən güman etdim ki, gələn odur. – Hara getdiyindən sənə bir söz demədimi? – Xeyr. Mən onun hara gedib-gəldiyini soruşmaram. Öz kefinə bir adamdır. Haraya kefi istəsə gedir. – Mənim qızım da evdən qaçıb. Yəqin Fərman harada isə qızım da oradadır. Məlun bihəya, binamus! Mən onu döşümə çəkib, əlinə maya verib adam eləmək istəyirəm, amma o məni rusvayi-cahan eləyir. Mən Xudayar xana nə cavab verim? Xudayar xan aləmi tar-mar edəcək. Hacı Kamyab söylənərək getdi. O gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Sabahı günü şəhərin hər yerinə, həmçinin, ətraf kəndlərə adam saldırıb qızının, ya Fərmanın yerini öyrənib xəbər gətirənə beş min tümən ənam vəd elədi. Bu xəbəri eşidib, şəhərin tamam bikarları, avaraları casus donuna girib, itənləri axtarmağa məşğul oldular. Neçə gün ciddi axtarış getdisə də bir səmərə hasil olmadı. * * * Axşam Hacı Mirzə Əhməd ağanın evində neçə nəfər əyan əyləşib ağa ilə söhbət edirdilər. Pişxidmət daxil olub işarə ilə ağanı çağırdı. Ağa çıxdı: – Nə var, nə xəbərdir? – Bir xəbər yoxdur, bir nəfər oğlan bir qızla sizin himayənizə qaçıblar. – Qızı göndər əndəruna, oğlana mənzil ver əyləşsin. Qonaqlar gedəndən sonra tədbir elərəm. Pişxidmət “bə çeşm” deyib getdi. Ağa da qayıtdı qonaqların yanına. Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun evinə girməyi özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü eymən hesab edərdi. Bir polis nəfərinin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın evindən adam çıxartmağa hünəri yox idi. Bəstə ki girdi, qurtardı. Hacı Mirzə Əhməd ağanın xanımanı qədim zamandan müqəddəs bir məkan hesab olunurdu. Hacının atası və babası həmçinin, nüfuz sahibi müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əhməd ağanı müqəddəs hesab edirdi. Hətta belə danışırdılar ki, guya ağa çətin məsələlərin həlli üçün gecə yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söhbət edib fitva alır. Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər. Siz yəqin soruşacaqsınız ki, ağa bir belə pulu haradan alırdı ki, məcaviblə agentlər də saxlayırdı. Ağa heç kəsdən bir qran pul almaz idi. Onun özünün dövlətinin, sərvətinin, əmlakının nə həddi var idi, nə hesabı. Neçə yüz kənd ağanın əmrinə tabe idi. Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ilxılarının, qoyun və qaramal sürülərinin hesabını bilən yox idi. Ağanın pambıq, ərzaq və xüşkəbar karvanının başı, ayağı məlum olmayırdı. Ağaya bərabər heç bir xan, heç bir mülkədar ola bilməz idi. Xudayar xan kimi dövlətli xanlar ağanın müqabilində heç hesab olunurdular. İndi bir belə əmlak və sərvəti ağanın haradan aldığını ərz eləyim. Bağışlayın, başağrısı olur, əmlakın bir hissəsi babalarından irs qalıbdır, qalanını ağa özü ələ gətiribdir. Ancaq nə özü, nə babaları bu əmlaka bir quruş verməyiblər. Əmlakın bir parası “rəddi-məzalim” üçün ağanın ixtiyarına verilibdir. “Rəddi-məzalim”, yəni məzlumlara paylamaq. Bir nəfər sərvətdar vəfat edəndə görürsən, ruhunun rahatlığı üçün vəsiyyət edir ki, onun pulunu və əmlakının mədaxilini rəddi-məzalim etsinlər. Bu da gərək şəriət təriqi ilə ola. Odur ki, onun icrasını hər adama tapşırmaq olmaz. Tapşırırdılar ağa cənablarına. Ağa da mədaxili alıb cibişdani-şərifinə ötürürdü. Rəddi-məzalim şərtləri də bu yolda ona kömək verirdi; çünki şərən rəddiməzalimə təyin olunmuş malı əhli-suala vermək olmaz və paylanması da gərək xəlvət və camaat gözündən uzaq yerdə olsun. Camaatdan da bir nəfər cürət edib deyə bilməz idi ki, ağa bu yerdə xəyanət edibdir. Əlavə bir neçə il bundan əqdəm ağanın müridlərindən birisi ona yüz min tümən pul və qızını töhfə göndərmişdi. Ağanın əlindəki əmlakdan ildə azından beş yüz min tümən mədaxil gəlirdi. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanırdı. Neçə fəqir gəlsə, hər birinə yarım qran pul verilirdi. Belə ki, ağa, hər həftə füqəraya beşon tümən pul paylayırdı. Əlavə on gün məhərrəm ayında füqəraya çox qəhvə verib, mərsiyə oxudardı. Bu, ağanın camaata xərci idi. Amma əyan və tüccar tez-tez ağanın məclisinə müşərrəf olub müəttər plov yeyirdilər. Və ağanın ruhani söhbətlərindən feyzyab olurdular. Tüccardan və əyandan da hər şəxsin ağanın evinə yolu yox idi. Namaz qılmayanları, oruc tutmayanları, xüms, zəkat verməyənləri ağa qapısından içəri qoymaz idi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkatı və fitrəsi ağanın mübarək əli ilə paylanardı. Bir nəfər firəng səyyahı bizim vətəni səyahət edərək, ağa olan şəhərə gəlib ağanı görmək istədi. Ağaya xəbər verəndə buyurdu ki, zəhmət çəkib gələ bilər. Onunla görüşmək, Firəngistanın əhvalatından və vəziyyətindən bir qədər xəbərdar olmaq eyb etməz. Ağa onun gəlməyi üçün bir vaxt təyin etdi. Haman firəng səyyahı nağıl edərdi: – Müəyyən vaxtda arvadımla bahəm yetişdik ağanın qulluğuna. Bizi neçə otaqdan keçirib, bir salonda əyləşdirdilər. Salon Avropa qaydası sandalyalar və masalarla müzəyyən idi. Salonun o biri qapısı açılıb, oradan bir nəfər ağ ipək libas geyinmiş gözəl bir kişi daxil oldu. Bu, ağa idi. Mən və arvadım ayağa qalxıb ona təzim etdik. Ağa mənim yanımca gəlmiş mütərcim vasitəsi ilə arvadıma dedi: – Gərək ki, sizin Firəngistanda qadınlar kişilərin ayaqlarına qalxmazlar. Öz adətinizlə rəftar edin. Zəhmət çəkməyin. Ağa əyləşib bir neçə dəqiqə bizimlə söhbət edəndən sonra buyurdu qəhvə gətirsinlər. Pişxidmət, əlində qəhvə, daxil oldu və qəhvədən əlavə Firəngistanın ən gözəl likörlərindən neçə növünü masanın üstünə qoydu. Ağa təklif etdi: – Buyurun. Mən sizin üzünüzdə heyrət əlaməti görürəm. Amma heyrət yeri yoxdur. Mənim yanıma əcnəbi yerlərdən gələnlər az olmayırlar. Və mən də onları öz qaydaları ilə qəbul etməyi vacib bilirəm. Ağa özü də bizimlə bahəm qəhvə içdi. Amma içkilərə əl vurmadı. Firəng səyyahı belə danışırdı. Amma bir para dili dinc durmayanlar başqa şeylər söyləyirdilər. Xülasə, keçək mətləbə: Qonaqlar gedəndən sonra ağa pişxidməti çağırdı. – O qız qaçıran oğlanı mənim yanıma gətir. Fərman içəri daxil olub, ağaya kəmal-ehtiramla təzim etdi. – Oğlan, sən kimsən? – Ağa, mən baqqal İbrahimin oğluyam. – Hacı Kamyabın qardaşı? Deməli, sən Hacı Kəmyabın qardaşı oğlusan! Çox gözəl, Hacı Kamyab yaxşı kişidir... mömin, dindar... Gətirdiyin qız haradandır? – Ağa, gətirdiyim, əmim qızı, Hacı Kamyabın qızıdır. Biz uşaqlıqdan bir yerdə böyüyüb, axırda bir-birimizə məhəbbət yetirdik. Bu günlərdə əmim onun Xudayar xanın oğluna verilməsinə razı olub. Xudayar xandan nişan qəbul etdi. Qız və mən sözləşib sizin pənahınıza gəlmişik; ya bizi bir-birimizə yetirin, ya əmr edin İkimizi də sizing qapınızda qurban kəssinlər. – Yox, oğul, belə danışma. Vaxta ki, sən bu qapıya pənah gətirmişsən, məramına çatacaqsan. Deyirlər: əmi oğlu ilə əmi qızının kəbini göydə kəsilib. Get yenə öz mənzilində rahat ol. Mən Hacı Kamyabı da, Xudayar xanı da sakit elərəm. Mənim xahişimin müqabilində onlar söz danışmağa cürət etməzlər. Fərman şad, xürrəm mənzilinə qayıtdı. * * * Fərman gedəndən sonra Hacı Mirzə Əhməd ağa otağında bir qədər o başbu başa gedib, Fərmanın və Gövhərtacın gələcək xoşbəxt günlərini gözünün qabağından keçirirdi və xəyalında deyirdi: “İki sevgilinin bir-birinə yetişməklərinə səbəb olmaq böyük savabdır. Qoy dünyada istirahətlə ömür sürüb, mənə duagu olsunlar”. Bu yerdə qəflətən ağanın başına bir şeytan fikri gəldi: “Yox, belə deyil! Fürsəti fövt eləyən aqil deyil, divanədir. Belə fürsət heç vaxt ələ düşməz. Qələt eləyir Fərman, başını daşa döyür Xudayar xan! Qızın nikahını özümə oxuyacağam. Hacı Kamyabın sərvətindən keçməkmi olar?”. Səhər ağa adam göndərib Hacı Kamyabı hüzuruna istədi. Hacı Kamyab haman saat gəlib ağanın qulluğuna daxil olub salam verdi. – Əleykəssalam, hacı, buyur əyləş. – Qulluğunuzda ayaq üstündə də dura bilərəm, ağa. Hacı Kamyab ədəblə dizi üstündə əyləşdi. – Hacı, deyirlər sənin üçün bir hadisə üz veribdir, nə olan işdir? – Bəli, qurbanın olum, düzdür. Nəinki hadisə, bir bədbəxtlik üz veribdir. Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Mənim də, özünüzə məlumdur ki, bir parça sizin duanızın bərəkətindən çörəyim var. Heç kəs çörəyinin dağılmasını istəməz. Mənim həmişə fikrim bu idi ki, qardaşım oğlunu döşümə çəkim və bircə nəfər, sizdən eyb olmasın, qızımı da ona verim. Hərçi səy elədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkİndirə bilmədim. Axır labüd qalıb qızı Xudayar xanın oğluna namzəd elədim. İndi o bihəya qardaşım oğlu qızla nə vasitə ilə sözləşib bilmirəm, bir axşam onu götürüb gedibdir. Neçə gündür ki, axtarmamış yer qoymamışam. Qızla Fərman bir daş olub bir kor quyuya düşüblər. Ağa gülümsündü: – Dediyin “kor quyu” mənim evimdir, həqiqət buraya düşən çıxmaz. Sənin qızın və Fərman buradadırlar. Səni buraya dəvət etməkdən qərəzim budur: qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? – Ağa, siz mənim qızımın başını kəsməyə sahibi-ixtiyarsınız. Amma mən onu o bihəyaya verməyəcəyəm. Əlavə, mən Xudayar xana söz vermişəm. Ondan nişan qəbul etmişəm. – Bəs belə olan surətdə sən mənim bir təklifimi qəbul et! Deyirlər “xeyrül-ümuri övsətüha”. Sən, qızın mənim özümə mənkuhə olmasına riza ver, buna sözün nədir? Xudayar xanın cavabını mən rədd edərəm. Bu təklifi gözləməyən Hacı Kamyab fövrən cavab verə bilməyib dayandı. Bir az fikir edib xəyalında dedi: “Ağanın təklifini rədd etmək axmaqlıqdır. Mənim üçün nə təfavüt edər. Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıqraq mənfəət aparar. Mirzə Əhməd ağanın əmlakı Xudayar xanın təkəllüfündən çox, sərvəti artıq, xanın pambıq və ərzağını icarəyə götürüncə ağanınkını götürərəm. Əlavə, Hacı Mirzə Əhməd ağa müctəhidin qayınatası olmaq böyük şərafətdir. Hər adama müyəssər olası rütbə deyil”. Sonra üzünü ağaya tərəf çöndərib dedi: – Ağa, mən bayaq sizə ərz etdim ki, mənim qızımın başını da kəsməyə ixtiyarınız var. Necə məsləhət bilirsiniz elə də edin. Mənim sözüm yoxdur. – Çox gözəl, çox mübarək! Görürəm yornuqsan. Get dincəl, sonra nikah cari etməli zaman sənə xəbər verərəm. Hacı Kamyab təzim edib çıxdı. Evinə gəlib gözləri yolda qalmış arvadına dedi: – Arvad, doşab almışıq, bal çıxıb. Qız Mirzə Əhməd ağanın evindədir. Ağa da qızın kəbinini özünə kəsmək istəyir. Qəribə budur ki, mənim rizamı soruşur. Guya ki, mənim köynəyim də bu işə razı deyil. Arvad bunu eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özünə deyirdi: “Bundan sonra nəinki Kamran xanın arvadı, hətta tamam əyanın arvadları məclislərdə mənim ayağıma duracaqlar. Qoy gözü götürməyənlərin canları çıxsın”. Səhər Hacı Mirzə Əhməd ağa pişxidmətini çağırıb əmr etdi: – Get o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyabla görüşüb, onunla lazım olan söhbəti elədim. İndi xatircəm gedib evində otura bilər. Heç kəsin onunla işi olmayacaq. Vaxtında mən onu çağıraram. Fərman nə qədər yalvardı ki, ona əmisi qızı ilə görüşüb bir-İki söz danışmağa imkan versinlər, pişxidmət qəbul etməyib dedi: – Ağadan icazə yoxdur. Hər işdə orta halda olmaq yaxşıdır. * * * Fərman evlərinə qayıtdı. Bir neçə gün atasına görünməməyə çalışdı. Axır bir gün – təsadüfən atasına rast gəldi. Atası başladı oğlunu məzəmmət eləməyə: – Bala, yaxşı iş görmədin. Hacı Kamyab nə qədər olsa sənin əmindir. Onun ürəyinə dəymək heç bir layiq iş deyil idi. Xüsusən ki, axır vaxtlarda əminin meyli sənə tərəf dönmüşdü. Min tümən sənə maya verdi. Gələcəkdə yenə köməyini vəd etdi. Adam gərək işıq gələn yerə barmaq dürtməsin. Oğlu başını aşağı salıb cavab verdi: – Ata, daha keçmiş ola. Hacı Mirzə Əhməd ağa əmimi çağırıb razı etdi. Əmim də, söz yox, məndən inciyibdir. Bir neçə gün mənim üzümə baxmayacaq. Axırda yenə Hacı Mirzə Əhməd ağanı vasitə salıb barışarıq. Fərman bir yandan belə söyləyirdi. Bir yandan da ürəyinə qara fikirlər gəlirdi: “Xub, Hacı Mirzə Əhməd ağa əmimlə görüşəndən sonra nə üçün məni evindən rədd elədi və nə səbəbə mənə əmim qızı ilə görüşməyə icazə vermədi? Yoxsa ağa əmimin xahişinə görə Xudayar xanı çağırıb qızı ona tapşıracaq? Əlbəttə, mən hara, Xudayar xan hara! Xudayar xan zəngin mülkədar, xırda bir padşah, mən isə bir fəqir oğlan. Xudayar xanın qapısında yüz nəfər mənim kimi nökər var”. Bir gün əmisinin qapısından ötərkən gördü çoxlu at, qatır əmval və əşyası ilə yüklənib yola salınmaqdadır. Nökərdən yüklərin haraya gedəcəyini xəbər alıb bildi ki, yükləri Hacı Kamyab qızına cehiz verib, Hacı Mirzə Əhməd ağanın evinə gedir. Fərman bu əhvalatdan yenə bir şey başa düşməyib, axırda belə xəyal etdi: “Yəqin Hacı Mirzə Əhməd ağa Gövhərtacı təntənə ilə, öz evindən köçürtmək istəyir”. Fərman bu xəyalla evlərinə qayıdarkən dostlarından birinə rast gəldi. Dostu Fərmanı bir növ şadman görüb, yəqin etdi ki, əhvalatdan xəbəri yoxdur. Onu dayandırıb bir qədər danışdıqdan sonra dedi: – Qardaş, deyəsən sənin əhvalatdan xəbərin yoxdur? – Hansı əhvalatdan? – Şəhərin tamam tüccarı bu gün Hacı Kamyabın evinə cəm olub, Gövhərtacın cehizinin siyahisində isbati-vücud etmişdilər. – Bundan xəbərim var; çünki bu saat cehizin Hacı Mirzə Əhməd ağanın evinə göndərilməsini gördüm. – Sən bundan məgər bir şey düşünmədin? – Mən güman etdim ki, ağa qızı özü mübarək əli ilə köçürmək istəyir. – Ağanın mübarək əli sınsın! Cəmi zəhmətimiz hədər getdi. – Bu nə sözdür danışırsan? – Görünür əhvalatdan xəbərin yoxdur. Cənab Hacı Mirzə Əhməd ağa qızı özünə mal eləyib. – Bu nə axmaq sözdür danışırsan? – Axmaq sənsən ki, cəmi şəhərdə danışılan əhvalatdan bixəbərsən. Bu xəbəri yoldaşından eşidəndə Fərmanın başı gicəllənib, tamam şəhər başına dolandı. Yoldaşı ilə xudahafiz etməyib, divanə kimi evə gəlib, atasını da məyus, divara qısılmış gördü. Qeyzlə papağını başından çıxardıb yerə çırpdı. – Bundan sonra kimə inanasan? Aya, yerdə, göydə bir inanmalı şey varmı? Kimə etibar edəsən? Vaxta ki, dünyada bir təmiz qəlb, vücud yoxdur. Hacı Mirzə Əhməd ağa adını müctəhid qoyub, nəyə inanır? Kimə inanır, kimə ibadət eləyir? Allahamı? Hansı Allaha? O Allah haradadır? İbrahim oğlunu dayandırdı: – Bala, küfr danışma. Ağa eşidər, bu saat sənin qətlinə fərman verər. Səni camaat parça-parça edər; hər tikən bir əldə gedər! – Ağa bundan da artıqmı mənim qətlimə fərman verəcək? Bundan sonra mən dünyada yaşayamı biləcəyəm? Qoy məni öldürsünlər; cəhənnəmə, gora öldürsünlər! Təki ağanın könlü şad olsun. Məni qoy toyunda qurban kəsdirsin. Amma mən açıq deyirəm; hər yerdə də deyəcəyəm. Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən əsa alıb tamam yer üzünü dolanıb deyəcəyəm; o, adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir! Onun Allahı qızıl öküzdür, ona səcdə eləyir. Dini, şəriəti, namusunu, dünyanı yemək üçün əlində alət eləyibdir. Əgər o müqəddəs vücuddur, neyləyir bir belə malı, əmlakı? O, cəmi elmlərə bələddir. Vaxta ki, o belə işlərə iqdam edir, görünür ki, o heç bir şeyə inanmayır. Və heç bir inanmalı şey yoxdur. Belədir. Göydə və yerdə bir inanmalı şey olsa idi, o, elminin gücü ilə bilərdi. Nə göydə, nə yerdə heç bir şey yoxdur. Yerlə göyün arası adlarını müctəhid və ruhani qoyan əmmaməli, əbalı, qəbalı həşəratla, yırtıcı qurdlarla doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də canavarların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə, onun o nurani saqqalına! Atası yenə oğlunu danlayırdı: – Oğul, amandır, məni də bəlaya toxuyarsan. – Mən bu gündən buradan uzaqlaşacağam. Daha burada qalmaq mənim üçün mümkün deyil. Baş götürüb, diyarbədiyar gəzib, bu vəhşilərin əməllərinə xalqın diqqətini çöndərəcəyəm. Ya məramıma çataram, ya bir yerdə ölüb qalaram. Fərman evdən çıxdı. Atası vahiməyə düşüb deyirdi: – Ay aman, oğlanın başına hava gəlib. Gedib hər yerdə Hacı Mirzə Əhməd ağanın haqqında artıq-əskik danışacaq, axırda camaat gəlib mənim evimi də zirüzəbər edəcək. Az keçmədi Fərman qayıdıb, qoltuğunda bir dəst libas gətirdi. Libas dərviş libası idi. Libası geyinib atasına dedi: – Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər bir yerdən “Dərviş Hakam” adı eşitsən, bil ki, oğlundur. Mən bu adla dünyanı səyahət edəcəyəm. Bilməyirəm harada öləcəyəm. Ancaq arzu edərdim ki, öləndə gözlərim o fasiq Hacı Mirzə Əhməd ağanın divarına baxsın və divarın dalında mənim kimi dərdə mübtəla gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Amma sənə vəsiyyətim budur ki, inanma bunlara! Onların danışıqları hamısı riya və yalandır; allahları və şəriətləri də yalandır! Əgər yalan olmasaydı, özləri ona itaət edərdilər! Dünyada sərvət yığmaq, ləziz xörək yemək, behiştə bənzər otaqlarda, qəsrlərdə əyləşib, nazənin sənəmlərdən həzz aparmağa çalışmazdılar; həmişə tərif etdikləri axirət üçün çalışardılar! İndi mən yəqin etmişəm ki, axirət də yalandır! Doğru olsaydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyənlər, dünya malına cəhənnəm odu deyənlər onu axtarardılar. Salamat qal, ata, mənim fikrimi eləmə. Xudahafiz! * * * Gövhərtac üçün xüsusi bir müzəyyən otaq təyin olunmuşdu. Qadınlar onu əhatə edib, Hacı Mirzə Əhməd ağanın əmrinə itaət edərək, ona bir növ məhəbbət göstərib, hər bir xahişinə fövrən əməl edirdilər. Heç bir tərəfdən qızın qeydi yox idi. Ancaq əmisi oğlu ilə görüşmək ona mümkün olmadığı ürəyini sıxırdı. Bu xahişini bir dəfə izah elədi; cavabında dedilər ki, oğlan sənin əmin oğlun da olsa, nə qədər kəbin kəsilməyib, naməhrəmdir. Başqa bir yerdə sizə görüşmək mümkün də olsa, ağanın evində belə xəlafi-şər əmələ yol verilmir. Əcələ etmək nə lazım, bu gün-sabah kəbinin kəsilər, ondan sonra öz sevgilinə qovuşarsan. Bununla axşam qızı sakit edirdilər. Hətta Hacı Kamyabın, ağanın yanına gəldiyini qıza xəbər verirdilər. Bir axşam qadınlar cəm olub, Gövhərtacın başına, əllərinə, ayaqlarına xına yaxdılar. Sübh ağanın bağçasında vaqe xüsusi hamama aparıb yuyundurdular. Sonra məşşatə gəlib onun qaşlarını hamarladı. O günü axşamadək qadınlar Gövhərtacın bəzək-düzəyinə məşğul oldular. Axşam bir dəstə toy libası geyİndirib başına bir qırmızı zərli cuna örtüb, iki nəfər qadının müşayiəti ilə başqa bir otağa keçirib, orada xeyir-dua verəndən sonra tək qoyub çıxdılar. Qız tək otaqda əyləşib sevgilisini gözləyirdi. Ayaq səsi gələndə ürəyi döyünüb dedi: – İndicə Fərman qapıdan girəcək. Nəhayət, qapıdan daxil olan, Hacı Mirzə Əhməd ağa özü idi. – Sən çox xoş gəlibsən bu evə, gözəl qız. Qədəm əziz eləyibsən!.. Qız ağanın sözündən bir şey anlamayıb, ancaq onu xeyir-dua verməyə gəlmiş hesab etdi. Amma elə ki ağa əmmaməni çıxardıb, bir yana qoyub, əbanı da mismardan asıb, gözləri qızarmış, qıza tərəf hücum etdi, qız aldandığını duydu. Və bir dəfə ucadan qışqırıb yıxıldı. Hacı Mirzə Əhməd ağa təşvişə düşüb, cəld çıxıb, böyük arvadını səslədi. Istədi həkimbaşı Mirzə Mehdi üçün adam qaçırtsın, böyük arvad razı olmadı. – Cavan qız uşağıdır. Belə şeylər çox olar. Bir-İki gün atılıb-düşüb yerində əyləşəcək. Bir neçə dəqiqədən sonra tamam əndərun qadınları Gövhərtacın ətrafına cəm oldular. Hərçi səy edirdilər, onu özünə gətirə bilmirdilər... Bəzən bir-İki dəqiqəliyə ayılıb, ətrafına baxıb, dübarə qışqırıb yıxılırdı. Qadınlar sübhədək yatmayıb Gövhərtacla məşğul oldular. Sübh Gövhərtac ayıldı. Qadınların nəsihətlərinin və onu yola gətirməyə çalışdıqlarının müqabilində Gövhərtac ancaq bir söz deyirdi: – Evimizə gedəcəyəm! Adam göndərdilər, Gövhərtacın anası gəldi. Qızını bu halətdə görüb başladı şarp-şarp dizlərini döyməyə: – Ay qız, bu nə oyundur çıxardırsan? Allah sənə elə bir bəxt açıbdır ki, yatsan yuxuna da gəlməz. O axmaq bambılıda sən nə görübsən? Sənin müctəhid Hacı Mirzə Əhməd ağa kimi ərin var. Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparırlar. Şəhərin tamam əyanı bir-bir gəlib sənin atana gözaydınlığı verirlər. Məni bəyənməyən Kamran xanın arvadı dünən özü mənim yanıma gözaydınlığına gəlmişdi. Sənin bu hərəkətin atanı da, məni də yerə çırpır. İndi bəlkə Hacı Mirzə Əhməd ağanın qeyzi tutub, səni qolundan tutub atdı bayıra. Ondan sonra sənin atan camaat içinə çıxa bilərmi? Mən Kamran xanın arvadının və sair arvadların üzünə necə baxaram? Sənin öz haqqında arvadlar İki min söz danışıb, ağzıgöyçəklik eləyəcəklər. Necə ola bilər ki, mən sağ gözümdən təmiz qız bəsləyim, onun haqqında olmayan sözləri arvadlar danışıb, abrısını tökələr? Ağlını başına cəm elə, qızım. Hacı Mirzə Əhməd ağa özünü padşahdan yuxarı tutur. Amma sən elə kişini xoşlamayıb, bir bambılının dərdini çəkirsən. Onu da bilginən ki, atan sənin bu işindən xəbərdar olsa, gəlib yəqin başını kəsəcək. Gövhərtac özünü köməksiz görüb, mat, mütəhəyyir divara yapışdı. Anası bir az nəsihət edib, durub getdi. Qalan arvadlar da onun anasının sözlərini təsdiq etdilər. * * * Məmləkətin şəhərlərinin hamısında dərviş Nakamın tərifi söylənirdi. Doğrudan da tərifə layiq idi. Qara, uzun saçları çiyninə tökülmüş, uca boylu, qara irigözlü, gözəl səsli dərviş Nakam bazara çıxanda hər bir yerdə onun tamaşasına cəm olurdular. Onun oxuduğu sair dərvişlərin qəsidələri deyil idi. Bu başqa bir şivə ilə meydana çıxmışdı. Oxuduğu Xəyyamın rübailəri, Sədinin qəzəlləri və Qaaninin qəsidələri idi. Elə ki: Çi qəm zi bikülahi, k-asiman külahi-mənəst, Zəmin bisatü dəru dəşt barigahi-mənəst – oxuyanda hər tərəfdən “afərin” sədası gəlirdi. Ya Sədinin qəzəliyyatından: Əz hərçi mirəvəd süxəni-dust xoştərəst, Peyğami-aşina, nəfəsi-ruhpərvərəst – Papaqsızamsa nə qəm, göy mənim külahımdır, Bu yer büsat mənə, çöl də barigahımdır. Dostum nə söyləsə sözü xoşdur bilənlərə, Dostun sifarişi məzədir ruhə bir kərə. şur üstündə oxuyanda çox adamın gözlərindən yaş axırdı. Çünki hamı onun dərdindən xəbərdar idi. Hacı Mirzə Əhməd ağanın onunla rəftarı hamının ürəyini nəinki bir Hacı Mirzə Əhməd ağanın, tamam ruhani siniflərinin əleyhinə döndərmişdi. O da bundan istifadə edib, daha da camaatı ruhanilərdən rugərdan eləməyə çalışırdı və müvəffəq də olurdu. Çünki əlindəki dəlillər çox möhkəm idi. Şəhərlərin əyanından, tüccarından hər biri dərviş Nakamı görməyi özü üçün fəxr hesab edirdi. Məclislərdə gözəl qəzəllər və qəsidələr oxuyandan sonra şirin söhbətlərlə camaatı məşğul edirdi. Və söz arasında çox yerdə şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı. – Baxın, birisi adını müctəhid qoyub namaza duranda onun dalında o qədər adam iqtida bağlayır ki, məscid, camaatı tutmur. Axırda çıxıb meydanda camaat namazı qılır. Yolla gedəndə müridlər dalınca qoyun sürüsü kimi gedirlər. O da baxıb ləzzət aparır. Camaatın malı, dövləti, irzü namusu onundur. Ona da bu lazımdır. Rəyasət zəhəri hamısını zəhərləyib. Mürid, yəni qoyun sürüsü yığmaq üçün həmişə bir-biri ilə mübarizədədirlər. Bu onun, o bunun küfrünə hökm verir. Biri adını üsuli qoyur, biri şeyxi qoyur, biri ağayi qoyur, biri şiə qoyur, biri sünni qoyur. Birisi də çıxıb deyir: sizin hamınız yalan danışırsınız! Sizin dininiz də köhnəlib, özünüz də köhnəlmişsiniz. Mən özüm bəhaüllaham, Allahın ruhuyam. Sizin köhnəlmiş Quranınızın qarşısında göydən mənə bəyan nazil olubdur, Cəbrayıl mənə hər gün vəhy gətirir. Bunların hamısı rəyasət mübarizəsi, camaatın qoyun kimi yununu qırxıb, sərvət qazanmaq mübarizəsidir. Yoxsa hamısının danışıqları yalandır. İbadətləri, oruc-namazları hamısı xalqı soymaq üçün hiylə və təzvirdir. Onlar heç bir şeyə inanmırlar və elmlə də yəqin ediblər ki, heç bir şey yoxdur. Birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib, bir neçə lətifə söylərdi. Sonra da başlayıb, bir gözəl qəzəl oxuyub, xalqın yenə məhəbbətini özünə tərəf çəkirdi və deyirdi: – Camaat, mənim danışıqlarıma artıq papey olmayın. Mən dərviş babayam və məlumdur ki, dərvişin dini olmaz. Belə danışıqlarla sözlərini malalayırdısa da, yenə ürəklərə bir şəkk toxumu səpirdi. Dərviş Nakam neçə sənə İranı, Hindistanı, Qafqazı, Türküstanı dolandı. Hər yerdə özünü şad, xürrəm, lətifəgu göstərdi. Amma gecələr sübhədək Gövhərtacın fərağında davam etməyib zəifləşirdi. Axırda sinəsindən qan gəlməyə başladı. Daha səsində köhnə lətafət qalmadı. Nəfəsi gödəldi. Bununla belə yanıqlı qəsidələri qulaq asanlara böyük təsir edirdi. Bir neçə vaxtdan sonra dərviş Nakam bilmərrə ortalıqdan çıxdı. Kimisi onu ölmüş, kimisi Hİndistana və ya müalicə üçün sair bir yerə getmiş bildi. Ancaq hamı onun meydandan çıxmasına əfsus edib, dübarə salamat qayıtmasını arzu edərdi. Məclislərdə onun söhbəti danışılırdı. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Bu da yenə dərviş Nakamı camaatın gözünün qabağına gətirərdi. * * * Gövhərtac Hacı Mirzə Əhməd ağanın evində ən əziz vücud, arvadların zübdəsi olmağına baxmayaraq, İki gün salamat görünəndə üç gün bəstərdə yatırdı. Mirzə Mehdi həkimbaşı həftədə İki-üç dəfə onu yoluxurdu. Dərviş Nakam üç ildi ki getmişdi. Gövhərtacın mərəzinin istəklisinin fərağından nəşət etdiyini heç kəs güman etmirdi. Ancaq bir tək Mirzə Mehdi onun mərəzinin səbəbini bilirdi. Fərman bir dəqiqə Gövhərtacın gözünün qabağından getmirdi. O özünü həmişə həbsdə hesab edirdi. Hacı Mirzə Əhməd ağa onu başdan-ayağa cavahirata tutmuşdu. Yanında neçə nəfər kəniz onun hər bir xahişinə əməl edirdilər. Bununla belə, gecələr çıxıb, əndərun bağçasında kənizlərlə bir yerdə gəzəndə kənizlərə deyərdi: – Siz məni burada bir qədər tək qoyun, sonra mən çağıranda gələrsiniz. Kənizlər gedərdilər. Gövhərtac gül ağacının yanında əyləşib qəm dəftərini açardı. Leyli tək Aynan, buludlarnan sevgilisinə sifarişlər göndərərdi, deyərdi: – Yəqin, mən tamaşa etdiyim Aya bu halda Fərman da tamaşa edir. Nə olardı bu dəqiqə qanadlanıb, quştək uçub özümü ona yetirəydim. Aya, görəsən, mən çəkdiyim qəmdən o da çəkirmi? Yoxsa İndi özünə bir yar tapıb Gövhərtacı bilmərrə unudubdur? Yox... Fərman vəfalı oğlandır. Onun əlindən namərd iş gəlməz. Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Mən Fərmanın məriz olmasını istəmərəm. Qoy salamat olsun. İndi ki məndən ayrı düşübdür, mən öləndən sonra, düşəndə bir mənim qəbrimin üstünə gəlsin. Özümlə görüşmək ona müyəssər olmayacaq. Bəlkə qəbrimlə görüşə. Yoxsa, nainsaf Hacı Mirzə Əhməd onu mənim qəbrimin üstünə də qoymayacaq?.. Birdən yasəmən ağacının arasından Fərmanın heykəli gözünə göründü. Ucadan qışqırıb yıxıldı. Kənizlər onun səsinə yüyürə-yüyürə gəlib, üzünə su səpib, ayıldıb otağına apardılar. O gündən Gövhərtacın mərəzi getdikcə şiddət edib böyük iztiraba səbəb oldu. Həkimbaşı Mirzə Mehdi gündə üç dəfə gəlirdi və ona dərman yazırdısa da, bilirdi ki, bir təsir bağışlamayacaq. Onun dərdinin bircə dərmanı var idi. Onu da ki, əczaxanadan almaq mümkün deyildi. Bir dəfə Hacı Mirzə Əhməd ağa Mirzə Mehdini otağına çağırıb dedi: – Mirzə Mehdi, bu gəlin üç ildir naxoşdur. Hər dəfə siz gəlib onunla görüşüb gedəndən sonra bir-iki saat haləti özünə gəlib gülür, danışır. Sonra yenə haləti təğyir tapıb yıxılır. Onun mərəzinin sizə məlum olmasına şəkkim yoxdur! Bəlkə siz onun dərdinə müalicə tapmayırsınız. Əgər məsləhət bilirsiniz, yazım padşahın xüsusi təbibi gəlsin. Lazım olsa Firəngistandan mən təbib gətirməyə hazıram. Ancaq Gövhərtac səlamətliyə çıxsın. Mirzə Mehdi Gövhərtacın mərəzinin səbəbini deməkdən çəkinib, ərz etdi ki, padşahın təbibini dəvət etməyinizə mənim sözüm yoxdur. Ansaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil. Hacı Mirzə Əhməd ağa bu söhbətdən sonra məyus oturdu. Ağa, Gövhərtacın sağalmasının qeydində deyildi. Yüz elə Gövhərtac, ondan da gözəlləri ağaya zövcə olmağa fəxr edərdilər. Ancaq Gövhərtac özündən sonra bir zürriyyət qoymayıb ölərsə tamam Hacı Kamyabın dövləti əlindən çıxar. Ağanı təşvişə salan bu fikir idi. * * * Bir sübh dərban şəhərin darvazasını açıb gördü ki, bir nəfər cavan dərviş yerə yıxılıb ah-zar edir. Dərban onun kim olduğunu, nə yerdən gəldiyini və niyə belə ah-zar etdiyini xəbər aldı. Dərviş cavab verdi: – Uzaq yerlərdən gəlirəm. Naxoşam, çox piyada yol gəlib yorulmuşam. Bir cürə mənə su ver. Bir udum Dərban su gətirib verdi. Dərviş suyu içib xəbər aldı: – Sən bu şəhərin adamlarının hamısını tanıyırsanmı? – Məşhurlarından hamısını tanıyıram. – Zərgəran məhəlləsində Hacı Kamyabı tanıyırsan? – Onu kim tanımaz! – Onun İbrahim adında bir qardaşı var, onu da tanıyırsan? – Əlbəttə, tanıyıram! – Mənim daha yeriməyə halətim yoxdur. Lütf elə, məni onun evinə apar! İbrahim səhər durub dükanına getmək istəyirdi. Küçəyə çıxanda gördü ki, şəhər dərbanı bir nəfər mərizin qoltuğuna girib onun evinə tərəf gətirir. Məriz dərviş libasında, qırmasaqqal, uzun, cavan bir oğlandır. Amma cavanlığına baxmayaraq, başının və saqqalının tüklərinin yarısı ağdır. Yaxınlaşanda gözlərindən Fərmanı tanıdı. – Ay oğul, niyə belə olubsan? Hanı sənin movzun qamətin, hanı sənin qırmızı yanaqların, gülər dodaqların, enli sinən? İbrahim oğlunu sinəsinə basıb, başladı üzündən-gözündən öpməyə. İbrahimin saqqalı aşağı gözlərindən sel kimi yaş axdı. Ümidi bircə oğluna idi. Deyirdi: “Gedər, görmədiyi yerləri seyr edib, dərdüqəmini unudub qayıdar”. İndi oğlunun bədəni bir dəri, bir sümükdən ibarətdi. Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Cavanlar zibdəsi Fərmandan bir quru kölgə qalıb. Dərbanın köməyi ilə Fərmanı evə gətirib, yatağa salıb yatırtdılar. Dərban getdi. İbrahim o günü dükana getməyi movquf edib, oğlunun yanında qaldı. – Bala, yoxsa sənə soyuq dəyib? Sənin üçün bu saat darçın çayı bişirərəm. İçib tərlərsən, durarsan ayağa. İbrahim istədi qalxıb, ocaq düzəldib çaydanda su qaynatsın. Fərman onu dayandırdı. – Lazım deyil, ata, üç ildən artıqdır səni görməyirəm. Otur, bir qədər söhbət eləyək. Darçın çayı mənim dərdimə dərman ola bilməz. Görürsənmi, sənin qardaşın və millətinin başının yiyəsi Hacı Mirzə Əhməd ağa məni nə halətə saldılar! Bu yerdə Fərmanı öskürək tutub, bir qədər öskürəndən sonra tər basıb, zəifləşib, başladı çətinliklə nəfəs çəkməyə. Bir azdan sonra dedi: – İndi, ata, halətimi görürsən, məni belə elədilər. Gündə bir ləyən sinəmdən qan gedir. Onu da görəcəksən. Bircə de görüm əmim, ağa ilə qohum olmaqdan xoşnuddurmu? Gövhərtac, ağanın evində özünü xoşbəxtmi hiss edir? Qoy xoşbəxt olsun. Yaxşı candır. Əmimə deginən, heç olmasa məndən ona salam yetirməyi qəbul etsin. Yoxsa o nainsaf bunu da qəbul etməyəcək? Qoy Gövhərtac bilsin ki, mən ölməyimi hiss edib, özümü vətənə yetirdim ki, heç olmasa, axır nəfəsimdə gözüm onun evinə baxsın. İbrahim dedi: – Gövhərtac da sən gedəndən naxoşdur. Əmini görsən tanımazsan. Xiffətdən, qüssədən müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə neçə dəfə ağanın evinə gedir. Hətta ağa yazıb padşahın xüsusi təbibini gətirtdi. O da bir neçə gün qalıb getdi. Deyirlər mərəzi vərəmdir, sağalmayacaqdır. – Görünür, vəfalı imiş. Mən də onu həmişə vəfalı bilirdim. Afərin ona. Fərman gözünü yumub huşa getdi və huşda sevgilisini görüb onunla danışırdı. Atası Fərmanın həzin səsini eşidirdi: Ləzzət rüxi-yari-dilistandan, Candır bilən, ey driğ candan. Canım gedəli bəsi zamandır, Cismimdəki İndi özgə candır. Məndə olan aşikar sənsən, Mən xud yoxam, o ki var, sənsən! Bunun dalınca hövlnak qalxıb əlini qabağa uzadıb səsləndi: – Getmə, getmə, bir qədər dayan! Atası xəbər aldı: – Ay oğul, kimlə danışırsan? Cavab əvəzinə Fərmanı öskürək boğmağa başladı. Bir qədər öskürəndən sonra əlinin biri ilə ağzını yumub işarə ilə ləyən istədi. Atası ləyəni yaxın gətirəndə Fərman əlini ağzından çəkdi. Ləyən laxta qanla doldu. İndi İbrahim oğlunun daha dirilməyəcəyini yəqin edib hönkürtü ilə ağladı. Fərman onu sakit elədi. – Ağlama, ata, gərək belə də olaydı. Qoy əmimin könlü şad olsun. İbrahim cəld evdən çıxıb, qonşudan təbib Mirzə Heydərqulunu çağırdı. O da gəlib baxıb, başını bulayıb, bir nüsxə yazıb getdi. – Bu dərmanı çay kimi dəmləyib gündə üç də içsin. Sübh İbrahim oğlunun otağına girib halətini bir az yaxşılaşmış gördü. – Ata, bu gün halətim çox yaxıdır, deyəsən sağalacağam. Özümdə heç azar hiss etməyirəm. Bir az mənə süd ver, acmışam. İbrahim sevinərək süd gətirib verdi. Fərman iştahla südü içdi. Sonra atasına dedi: – Ata, İki gündür mən gəlmişəm, dost-aşnalarımın mənim gəlməyimdən xəbərləri yoxdur. Mən də onları çox görmək istərdim. Bir saatdan sonra Fərmanın yoldaşları onu əhatə edib, bu üç ilin müddətində vaqe olmuş hadisələrdən söhbət edirdilər. Fərman da dərviş sifətində dünyanı dolaşdığından, gördüyü ölkələrdən, şəhərlərdən, adamlardan danışırdı. Bir azdan sonra Fərman danışmaqdan yorulub gözlərini yumdu. Yoldaşları ahəstə durub getdilər və İbrahimə dedilər: – Gözlərin aydın olsun, az çəkməz Fərman durar ayağa. Fərman bir qədər yatıb, sonra bərk öskürəklə oyandı. Atası onun səsini eşidib içəri daxil oldu. Fərmanın haləti digərgun idi. Atası xəbər aldı: – Ay bala, bir az bundan qabaq ki, yaxşı idin. İndi nə oldu sənə? Fərman cavabında dedi: – Ata, işim xarabdır. Get bir Mirzə Mehdi həkimbaşını mənim yanıma gətir. – Oğul, Mirzə Mehdini gətirmək üçün çox pul lazımdır. Mən də o qüvvət nə gəzir, genə gedib Mirzə Heydərqulunu çağıra bilərəm. – Ata, sən get deginən Fərman gəlibdir; çox xahiş eləyir ki, onun yanına gələsiniz. Mənim adımı eşidəndə gələcək. Sən get, ata! Mirzə Mehdi, həqiqət, gəldi. Içəri daxil olub, gendən Fərmanın sifətinə baxanda onda ölüm nişanəsini aydın gördü. Sonra gəlib, Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu: – Artıq azarın yoxdur. Qorxma, sənə özüm müalicə elərəm. Tezliklə sağalarsan! Mirzə cibindən kağız və qələmdan çıxarıb nüsxə yazmaq istəyəndə Fərman onu dayandırdı. – Zəhmət çəkməyiniz. Mənim mərəzim dərmanpəzir deyil, sizə zəhmət verməkdən mənim özgə niyyətim var. Siz bir vaxt mənə böyük yaxşılıq eləyibsiniz. O yaxşılığın nəticəsi mənim ürəyimcə olmadı. İndi siz müqəssir deyilsiniz. Mənim qismətim belə oldu. İndi isə mənim sizdən bircə xahişim var: siz Gövhərtaca müalicə edirsiniz, zəhmət çəkib, onun yanına gedib, əvvəl məndən ona salam yetirin! Sonra mənim halətimi necə görürsünüz, elə də söyləyin! Ona deyin ki, onun fərağında dərmansız dərdlərə düşüb İndi can verirəm. Çox istərdim ölən vaxt onun üzünü görüb can verəydim. Çifayda bu mənə müyəssər olmayacaq. Ondan çox təvəqqe eləyirəm, libasından bir şey mənə göndərsin. Bəlkə heç olmasa onun qoxusunu ondan alım. Mirzə Mehdi, Fərmanın xahişinə əməl etməyi vəd etdi. * * * Səhər İbrahim oğlunun otağına girib adi sual verdi: – Necəsən, bala? – Yaxşıyam, ata. Mirzə Mehdi İndicə gərək gəlsin. Fərmanın gözü qapıda idi, yanıqlı bir dillə deyirdi: – Bu kişi yenə gəlmədi. Yoxsa, mən bu arzuma da çatmayıb öləcəyəm? Bir azdan sonra mümkün gəldikcə ucadan səsləndi: – Yox, arzuma çatmayınca ölməyəcəyəm! Atası xəbər aldı: – Ay bala, o arzu nədir? – Bir şey deyil, ata, bir çıx qapıya gör Mirzə Mehdi gəlirmi? Fərmanın bütün bədəni iztirabda idi. Hər beş dəqiqədə atasını küçəyə göndərirdi. – Ata, çıx gör gəlməyir ki? İbrahim evə qayıdıb Mirzə Mehdinin təşrif gətirməyini xəbər verdi. Fərman başını yastıqdan götürüb döşəyin üstündə əyləşdi. Mirzə Mehdi daxil olub salam verdi. – Buyurun, Mirzə, əyləşin! Gövhərtacı gördünüzmü? – Bəli, gördüm. – Onda izin verin, Mirzə, gözlərinizdən öpüm. Mirzə Mehdi əyildi. Fərman neçə dəfə onun gözlərindən öpdü. Sonra xəbər aldı: – Sifarişimi yetirdinizmi, Mirzə? – Necə ki demişdin, elə də yetirdim. Bu da sənə Gövhərtacın sovqatı! Bu sözlə əbanın altından bir köynək və bir ədəd qan ləkəli dəsmal çıxarıb Fərmana verdi. Fərman dəsmalı və köynəyi neçə dəqiqə iyləyib dedi: – Oxqay, Gövhərtacın qoxusu gəlir. Sizdən çox razıyam, həkimbaşı. Heyf ki, bu mərəzdən mən durmayacağam. Yoxsa sizin xəcalətinizdən layiqincə çıxardım. – Sonra köynəyi qalxızıb bir qədər yanıqlı nəzərlə baxıb odlu bir ah çəkdi: – Sevgili dilbərim! Illərcə fərağını çəkməkdən canım dərdə düşdü. Gecə-gündüz dilimin əzbəri, şam tək gözümün qabağında şölə verən, parlaq ulduz tək yollarımda mənə rəhbər olan, gecələr Aya baxanda gördüyüm sən idin. Ölümün yetişdiyini hiss edib, axır nəfəsimi sənin yaxınlığında vermək üçün özümü buraya yetirdim. Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb səni vida edirəm. Əlvida, dilbərim! Bu sözlə köynəyi bağrına basmış həmişəlik gözlərini yumdu. Həkimbaşı qalxıb, gözlərinin yaşını silib ahəstə otaqdan çıxdı. * * * Haman gün şəhərin hamı məscidlərinin minarələrində çəkilən minacatlar müctəhid Hacı Mirzə Əhməd ağanın zövcəsinin vəfatını şəhərin əhalisinə elan elədi. Gövhərtac axır nəfəsində ərini yanına çağırtdırıb dedi: – Məni bağışlayın, ağa, mən üç ildir sizin evinizdə kəniz kimi dolanıb, bir dəfə cürət edib sizə bir söz deməmişəm və sizdən bir xahiş etməmişəm. Ancaq sizin sualınıza cavab verib, sizin məramınızla rəftar eləmişəm. Dərmansız dərdə düşüb, bircə dəfə də olsun dərdimin nə olduğunu qısıldığımdan sizə söyləməmişəm. Siz və həkimbaşı mənim dərdimin nə olduğunu bilirdiniz, ancaq dərman tapmaqdan aciz idiniz. İndi mənim axır nəfəsimdir. Sizdən mənim bircə xahişim var. Ona əməl etsəniz, mənim ruhum sizdən xoşnud olar; mənim qəbrimi Fərmanın qəbri ilə yanaşı qazdırın, onun da axır nəfəsidir. Hacı Mirzə Əhməd ağa söz verdi. Gövhərtac əlini uzadıb ərinin əlini tutub dodaqlarına tərəf çəkmək istədikdə boğazından bir parça qan gəlib, ağanın əlinin üstünə düşdü. Gövhərtac bihiss yıxılıb canını tapşırdı. Şəhərin əhalisi Gövhərtacın dəfn və izhari-təhiyyəti üçün ağanın evinə cəm oldular. Böyük bir təntənə ilə rəsmi-dəfni icra elədilər. Amma ağa verdiyi sözə əməl etməyib, Gövhərtacı öz həyətində dəfn etdirdi. * * * Odabaşı hekayəsini qurtarıb süpürgəçini göstərib dedi: – Bu zalım bir-birini ürəkdən sevən İki cavan vücudun fənaya getməsinə səbəb oldu. Odabaşıya dedim: – Daha kifayətdir. Gedək. Qoy bu burada süpürgəsini çəksin. Ona hər nə olursa haqqında olur. Sənin bu hekayətin mənim ürəyimi odlayıb yandırdı. Gedək buradan. Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb daha cəhənnəmi səyahət etmək həvəsindən düşdüm. Öz-özümə dedim: – Mən məgər bundan da bir ağır müqəssir görəcəyəm. Bunun müqabilində, gördüklərimin dünyada tutduqları işlər hamısı uşaq oyuncağı mənzələsindədir. Daha bəsdir, evə qayıtmaq lazımdır. Üzümü odabaşıya tutub dedim: – Əmi oğlu, bağışlayın, sizə çox zəhmət verdim və öz zəhmətinizlə məni çox məmnun etdiniz. İndi axır zəhmət çəkib məni buradan çıxardın. Daha burada qalmağa mənim tabım yoxdur. Odabaşı istədi mənə sair məkanları da göstərsin, boyun qaçırtdım. O da mənim inadımı görüb, dala qayıdıb, cəhənnəmin çıxacağına tərəf yönəldi. Bu halda gördüm cəhənnəm əhli hamısı bir-birinə dəyib. Bir qışqırtı qopubdur ki, cəhənnəm az qalır partlayıb dağılsın. Odabaşıdan soruşdum: – Nə xəbərdir? Dedi: – Mən də sənin kimi. İndi bu saat xəbər bilərik. Bir az gedib baxdıq ki, göz işlədikcə cəhənnəm adamla doludur. Hamısı qışqırır. Camaatın əksəri deyir: – Odabaşı, istəmirik, gəlməsinlər. Onları biz aramıza qoymayacağıq. Onlar bizə cəhənnəmdə də rahat yatmağa imkan verməyəcəklər. Camaatın az hissəsi bunlara nəsihət eləyir: – Qardaşlar, qoyun gəlsinlər, nə işiniz var. Onların sizə heç bir əziyyət və azarları toxunmayacaqdır. Onlar da buraya sizin kimi yanmağa gəlirlər. – İstəmirik, gəlməsinlər. Qoy gedib hansı cəhənnəmdə yanacaqlar yansınlar. Biz onları öz cəhənnəmimizə qoymayacağıq. Baxdım, nəsihət edənlərin içində gördüyüm bəylər, axundlar və sair millətlərin ruhaniləri və əyanı hamısı səf-səf dayanıb gələnləri gözləyirlər. Cəhənnəm əhlinin birindən xəbər aldıq: – Oğlan, bu nə əhvalatdır? Dedi: – Nə olacaq?! Rus qoşunu cəhənnəmə dolur. Bundan sonra gərək hamımız cəhənnəmdən baş götürüb qaçaq. Baxdıq ki, rusun kazakları, saldatları, əfsərləri, yarananları dəstədəstə cəhənnəmə dolmaqdadırlar. Axundlar əllərini göyə qalxızıb, keşişlər, əllərində xaç, bunlara dua edirlər. Bəylər, ağalar, dvoryanlar hamısı İkiqat olub gələnlərə baş əyirlər. Yaranallardan biri səsləndi: – Camaat, sakit olun! Əlahəzrət imperator əzəm İkinci Nikolay həzrətləri lütf edib cəhənnəmə buyururlar. Odabaşıya dedim: – Əmi oğlu, tez olun, buradan məni çıxardın. Bunlar ki buraya sahibləndilər, məni başburtsuz görüb əziyyət edəcəklər. Tez olun, qardaşım! * * * Bu yerdə diksinib özümü yatağımda gördüm. Dost-aşna qoyub getdiyim qərar əyləşib mənim gəlməyimə müntəzir idilər. Cənab Ağ Molla mənim qayıtmağımı hamısına axşamdan xəbər vermişdi. Yoldaşlar bir-bir başladılar mənə sual verməyə. Dedim: – Danışmaqla qurtarası deyil. Gördüyümü yazaram. Siz də, cəmi məraq edənlər də oxuyarlar. Cəhənnəmdə çox qəribə şeylər və adamlar gördüm. Hamısını yazacağam. Ancaq axır vaxt padşah da yaranalları ilə bahəm oraya gəldi. Bu nə işdir? Dedilər ki, bəs İndi zəhmətkeşlər hökuməti öz əllərinə alıb. Padşahı cəmi xahanları ilə bir yerdə göndərdilər cəhənnəmə. Rəfiqlərimdən birisi durub pəncərəni açdı, dedi: – Buyur, tamaşa elə, gör nə halətdir. Pəncərədən baxanda şəhərin tamam evlərinin üstündə qırmızı bayraqlar gördüm. Cavanlar dəstə-dəstə, əllərində qırmızı bayraqlar gəzinib, bir növ nəğmələr oxuyurlar ki, mən əsla eşitməmişdim. Rəfiqim dedi: – Bu nəğməyə proletar nəğməsi deyirlər. Keçmişdə bunları xəlvətdə oxuyurdular. İndisə küçələrdə ucadan oxuyurlar. Keçmişdə bu nəğməni oxuyanları tutub boğurdular, Sibirə göndərirdilər, qazamatlarda çürüdürdülər. İndisə işlər başqadır. Hətta zəhmətkeşlər cəhənnəmi, behişti də yox elan ediblər. Çünki behiştə layiq olanlar da, cəhənnəmə layiq olanlar da cəzalarını zəhmətkeşlərin əlindən bu dünyada alırlar. Dedim: – Məgər qırxca günün müddətində bir belə təbəddülat vaqe olubdur? Ağa Molla cavabımı verdi: – Sizə belə gəlir. Mən və möhtərəm Mirzə Qoşunəli də cəhənnəmin hər gününün dünyanın qırx gününə bərabər olduğunu sizə söyləmədikmi? İndi siz gedəli tamam dörd il və neçə aydır. Dedim: – Çox gözəl, biz də öz cəzamıza müntəzir olarıq. * * * Mozalanbəyin səyahətnaməsi Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik. Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti? Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib. Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on İkinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq. (İdarədən) Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı: – Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza. Mən yavuğa gedib salam verdim. Məni çağıran əlli, ya əlli beş yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər. Məni çağıran, əlində papiros, məndən soruşdu: – Bakıya maşın nə vaxt yola düşür? Mən cavab verdim: – Gərək İndilərdə gedə. Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi: – Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər. Mən buna yavaşca dedim: – Ağa, səbr eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər. Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir çığırma. Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən İki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir: – Tez ol, Bakıya dörd bilet ver. Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi: – Dvadsat rubley çetır bilet Baku nelzya. Elə qandım ki, deyir “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq. Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmir yol qatarının İkiminci klaslarının birində özümə bir yer tapdım. Bir balaca daxmaya doqquz, bəlkə də on adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum. Bizim daxmamızda danışan yox idi. Amma dalanda İki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim. Hələ deyəsən “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim. Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki, “burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə bunlar heç xəyal eyləməyirdilər ki, burada müsəlman olar. Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”. Istəyirdim yenə mürgüləyəm, bir kişi, əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş. Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlimci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-İki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh” “afərin, nə lətifdir” sözlərini deyir və ağzının İki yanından su axır. Yaxınlaşıb soruşdum: – Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya? Dedi: – Gəncəyə gedəcəklər. Dedim: – Bəs bura haradır? Cavab verdi: – Görünür sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat dörddür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına İki min oyun gələ bilər. Dedim: – Bəs onda siz yəqin mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim. Dedi: – Heç məsləhət deyil, əyləş, özünə bir-İki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al vərəqlə. Dedim: – Axı rusca savadım yoxdur. Dedi: – Neyləyirsən savadı, məgər mənim savadım var? Budur bu qəzetəyə məndən İki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, İndi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən? Gördüm rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim: – Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Dedi: – Çox gözəl müsəlman “qəsdin”ləri var: “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız. Mehmanxanaların adını bilib, çəkilib kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər. Xülasə, sübh açıldı, nasilşİki oyadıb dedim: – Şeyləri götür, apar faytona. Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca. İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşİkim “fayton” – deyib qışqıranda br erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub altı şahı məndən zəhmət haqqı alıb “spasibo”, yəni “çox razıyam”, ya “çox sağ ol” – deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç dəfə bərk dartıb sonra qamçı ilə İki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola düşdü. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər. Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə. Kimi odun satır, kimi qalır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi, kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır. Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər çinarın üstündə İki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox adam bir yerə cəm olub, ortalıqda İki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim: – Dayanma, tez ol sür. Faytonçu soruşdu: – Bəs haraya düşəcəksən? Dedim: – Sür müsəlman qəsdinlərinin birinə. Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi. Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir. Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafişərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər...” Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur. Dedim: – Ağa, bu kimdir? Dedi: – Elə belə, sənin nə işin var, balam?! Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar. Dedim: – Niyə gedib oturmursunuz? Dedilər: – Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar. Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, İki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi... hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi. Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir. Dedim: – Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur. Dedi: – Bircə de görüm altıaçılanı tanıyırsanmı? Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı: “Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum: – Kimsən? Gördüm deyirlər: – Içəri girməyə izin var? Dedim: – Hər kəssən, buyur. Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu: – Salaməleyküm. – Əleykəssalam! Sonra balaca şəxs başladı məndən üzr istəməyə: – Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən. Soruşdum: – Bəs sən kimsən? Dedi: – Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər. Dedim: – Çox əcəb, seyid də mehmanxana saxlarmı? Gördüm seyid pozuldu. Dedi: – Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir? Dedim: – Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, eyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan! Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu: – Bir şeyə meyl edəcəksiniz, ya nə? Dedim: – Bir qədər xörək göndər. Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu. Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi: – Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə hara, Şam hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, İndi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on İkinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük. Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi. Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi: – A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan? Dedim: – Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib. Kufə Ərəb Iraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir. Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı. Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir. Məşədi Həsən inanmayıb dedi: – Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan. Dedim: – Buyur. Məşədi Həsən soruşdu: – Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var? Dedim: – Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər? Dedi: – Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, İndi qalan suallarıma cavab ver. Dedim: – Buyur. Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim. Məşədi Həsən: – Kənkanlıq bilirsənmi? Mən: – Necə kənkanlıq? Məgər bəy kənkanlıq edər? Məşədi Həsən: – Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Mən: – Necə özgələrə quyu qazmaq? Başa düşməyirəm. Məşədi Həsən: – Qoy açıq deyim. Danos verib ev yıxmaq bilirsənmi? Mən: – Xeyr, bilmirəm. Məşədi Həsən: – Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz. O biri sual: – Neçə borcun var? Mən: – Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur. Məşədi Həsən: – Bu da olmadı. Şərab içirsənmi? Mən: – Xeyr, heç anadan olandan dilimə dəyməyib. Məşədi Həsən: – Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı? Mən: – Necə boz palton? Məşədi Həsən: – Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir. Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm. Dedi: – Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik. Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-İki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş, bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım. Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tİkilmiş idi. O biri yarısı köhnə zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür? Dedi: – Deyəsən qəribsən, bilmirsən? Dedim: – Bəli. Dedi: – A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, İndi buranı tİkiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun? Düyməli Dedim: – Əmi, adın nədir? Dedi: – Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər. Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır. Dedim: – Qardaş, bura nədir? Dedi: – Molla fabrikasıdır. Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız? Dedi: – Molla olmaqdan ötəri. Bu sözü deyib ah çəkdi. Dedim: – Balam, niyə ah çəkdin? Dedi: – Keçən günlər yadıma düşdü. Dedim: – Necə məgər? Dedi: – İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma İndi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut. Dedim: – Səbr elə, Allah kərimdir. Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində onon beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi. yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir? Dedi: – Bura da Şah Abbasın tənbəlxanasıdır. Dedim: – Oradakılar kimdir? Dedi: – Gəncənin hacıları və məşədiləri. Dedim: – O molla nə qayırır? Dedi: – Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan verilir, özlərinin də adları nəqibin dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar. Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim: – Bu oxuyan kimdir? Dedi: – Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər. Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim: – Bunlar nədir? Dedi: – Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər. Gördüm vaxt keçir, getdim mənzilə. Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samavarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim. Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi: – Dur gedək gəzməyə. Dedim: – Bundan sonra haranı gəzəcəyik? Dedi: – Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox. Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”. Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır. Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, İki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın İki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi: – A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək. O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi. Dedim: – Məşədi Həsən, yellədək nədir? Dedi: – Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər. “Sansusi” deyilən restorana içməyə. Soruşdum: – “Sansusi” haradadır? Dedi: – Yaxındadır, elə dumanın yolundadır. Dedim: – Amandı, məni bir oraya çək. Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir İki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb. Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içirlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar. “Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, İkisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum: – Bu kimdir? Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır. Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da İkinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə belədir? Dedi: – Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar; upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir ki, bir vaxtında Gürcüstan padşahı ikinci İrakliyə hame olubdur və Cahangirxan cənabları Axtaxan əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan oğlanmış. Dedim: – Dur gedək. Dedi: – Dayan görək nə danışacaqlar? İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır. Dedim: – Lazım deyil, belə cahandidə, cəngazmudəl üzvlərin danışığında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir: Bəni-adəm əzaye yekdigərənd, Ke dər afərineş ze yek cohərənd, Ço ozvi bedərd avərəd ruzqar... Bəravərənd qolamane u derəxt əz bix. Məşədi Həsən dedi: – Axır qafiyə düz gəlmədi. Dedim: – Eybi yoxdur, bunu da Sədi deyib. Dumadan mənzilə qayıdıb yatdım. Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır. Bu çay şəhəri İki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir), İmamlı (burada bir hacı Seyid Ağa Bala var), Toyuqçu (məşhur mücahid Molla Əta kişinin vətəni) və Sofulu. Ozanda olanlar gecə-gündüz yatmayıb, əllərində tüfəng, qarovul çəkirlər, çünki orada sakin olanların malı quldurlara çox şirin gəlir. Zərrabi Gəncənin Yevropasıdır: dövlət idarələri və urus qulluqçuları hamısı Zərrabidə olurlar. Əttarların ləzzəti, cuhudun evi bağlanandan bəri qaçıb. Toyuqçu və Sofulu küçələrinə gedə bilmədik, çünki yağış yağmışdı, yolun palçığından tərpənmək olmayırdı, hətta tat məscidinin qabağında bir camış arabası palçığa batmışdı. Neçə adam çalışırdı, nə camışları, nə arabanı palçıqdan çıxarda bilməyirdilər. İmamlı küçəsində ancaq hamamları gördük. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Dedi: – Xuda nə kərdə, Hacı Seyid Ağa Balanın əlinə düşərsən, evin yıxılar. Soruşdum: – Hacı Seyid Ağa Bala mənə nə eyləyəcək? Dedi: – Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona İki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini - dövlətlilərdən Bakıyadək, ya Batumadək. Iyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında İki mərtəbə barigah tikdirib. Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim: – Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək. Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular. Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun. Hamamçı dedi: Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən. – Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz. Dedim: – Allah razı olsun, elə çimmiş kimi varıq. Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı. Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə. Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər. Təəccüb etməyin ki, molla əmi, bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “Islamiyyə” nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm. Deyirəm: Ay Allah, Iranın bu şuriş vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səya- “Molla Nəsrəddin”ə işarədir Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq. Mehmanxana adıdır. Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir. hətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”. Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə. Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı? Dedi: – Çox gözəl tanıyıram, buyur əyləş. Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik. Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu: – Bağışlayın, sizi tanıya bilməyirəm. Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir. Dedi: – Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz? Ürəyim əvvəl bir gupp elədi. Dedim: – Bağışlayın, ağa, mən məşədi deyiləm. Buyurdu: – Inşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz? Dedim: – Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm. Hacı buyurdu: – Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, Iranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam. Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm. Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu: – Haraya düşübsünüz? Dedim: – “Tehran” nömrələrinə. Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa Bala daxil oldu. – Salam, Məşədi Mozalanbəy. – Əleykəssalam, hacı. Əyləşdi, bir stəkan çay içdi və sonra dedi: – Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz. Dedim: – Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-İki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm? Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir Iran paşpurtu çıxarıb dedi: – Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm. Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz. Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu: – Nə işdir? Dedim: – Dinmə, Xorasana gedirəm. Dedi: – Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı? Dedim: – Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır. Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka verdi. Məşədi Həsənlə öpüşüb ayıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz. Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli tərəfdarlarından bir xəta toxunmasın. Dilinin ucundan avara düşən: Məşədi Mozalanbəy Fit, fışdırıq. Məhəmmədəli şah. * * * Bomba Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: – A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayi Zal cavab verərdi: – Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-İki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. Belə danışıqdan sonra arvad həmişə sakit olardı. – Nə deyirəm, kişi, özün bil! Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi: – Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən İndiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq. Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu: – Nə var? Dedi: – Heç, bir az başım ağrıyır. Arvad abguşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula. Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi. – Vot Patap, bomba rabatay! – Qde? – Dom Feyzulla bomba pirnesom. Patap Ivana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evinin qazaq, saldat, qorodovoy bürüdü. Qapını döydülər. Usta Feyzulla çıxdı, xəbər aldı: – Kimsən? Dedilər: – Aç qapını. Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər: – Danışma, gərək sənin evin axtarılsın! Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə İki çuval qoyulub. Kərbəlayi Zal çuvalları görən tək qışqırdı: – Barin, vot, vot bomba! Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”. Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi: – Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim. Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı. O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər. * * * Marallarım * * * Müqəddimə əvəzinə Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən... Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan bu işvədən əl çəkə bilməyib, hekayələrimizi Iran səpkisində başlayıraq. Oxucular əfv etsinlər, “Tərki-adət bu mövcibi-mərəzəst!” Xülasə... həmdibihədd və sənayi-biədəd bir yaradıcıya məxsusdur ki, dünyada insanı xəlq edib və ona danışmaq üçün dil, görmək üçün göz, eşitmək üçün qulaq, fikir etmək üçün baş, işləmək üçün əl və ayaq əta edibdir. Həmdi-bihədd və sənaye-biədəd bir pərvərdigarə olsun ki, dünyanı mənim marallarım ilə doldurub: başları Hacıtərxan qarpızı, içi nə ilə dolu? Qarpız yeyib sancı tutan şair bu xüsusda gözəl bir fərd demiş: “Qırxıq başın şəbahəti var çünki qarpıza, Oldur ki, həp içi dolu fisqü-fəsaddır”. Qulaqlar hər biri bir qarış, yaranıblar eşitməyə. Amma nə? Mərsiyə, qəsidə, mütrüb nəğməsi, Seyid Məhəmməd moizəsi, udəba təkfiri... hər biri bir çatdaq boyda gözlər... Necə gözlər? Dünyada heç bir şey görməyən, İki xalvar xörək tutan qarınları, sinə vuran, zəncir vuran, xəncər tutan əlləri, gecələr sübhədək ləhvü-ləəbə gedən ayaqları; evlərdə gözləri yolda, əlləri qoltuqda qalan arvadları. M.Ə.Sabirindir Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən Irana, Hİndistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, Irəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım,molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım. Bu marallarımın xüsusunda bir neçə hekayə yazmaq niyyətinə düşüb, qarelərdən qüsuratımın əfvini rica edirəm. * * * Mütrüb dəftəri “Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”. Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük. Bəli, Qasım əminin kənddə artıq ehtiramı var. Ondan məsləhətsiz kənddə heç bir işi görülməz. Bu dəfə kənd camaatı Qasım əmini əhatə etmişdilər. Bildim ki, bir mühüm məsələ müzakirə olunur. Yaxına gəldim; gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir: – Camaat! Biz İndiyədək dövlətin heç bir əmrindən boyun qaçırmamışıq: qızıl pulu, tüstü pulu, dinməver pulu... hamısını öz vaxtında vermişik; biyara buyurublar getmişik... Amma İndi bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına “mütrüb” dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın! Canım, rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik. Buna, araba ilə dovşan tutan rus deyirlər. Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq. Biz, dübarə deyirəm, mürtüb dəftərini qəbul eləməyəcəyik. Mən qabağa yeriyib dedim: – Qasım əmi! Bu qayda hər dövlətdə var, uşaqların adlarını metrik dəftərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun. Elə bil Qasım əmiyə bir güllə dəydi, ayağa qalxıb hirslə əlini döşünə çırpıb dedi: – Mən özüm mütrüb dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiniz, məndən soruşun! Bax, bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub. Bu uşaq, pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub. Daha kimi soruşursunuz, deyim. Mütrüb dəftəri niyə lazımdır? – Qasım əmi! Sən özün hansı ildə anadan olmusan? – Xaşal Qurbanı sel aparan ili. * * * Şikayət “Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”. Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi. Burada bir haşiyə çıxım. Siz belə güman edirsiniz ki, axundlar etdikləri vəzləri sinələrindən, yainki başlarından buyururlar. Səhvsiniz. Qoy həqiqəti bilməyənlər bilsinlər ki, bir nəfər atası rəhmətlik beş-altı yüz il bundan əqdəm götürüb bir vəz kitabı yazıb! O kitabda tamam otuz ədəd vəz var. İndi axundlar o kitabı qabaqlarına qoyub hər axşam bir dənə vəz əzbərləyib, sabahdan gəlib camaata nəql eləyirlər. Mən bu haşiyəni axundları məzəmmət edənlər üçün çıxıram. Onlar axundlara sərzəniş edir ki, heç bir təzə söz meydana çıxartmırlar. Nə eləsinlər ki, tanrı bəndələri? Başda yox, sinədə yox, təzə söz ki, yerdən çıxmaz. Axund iftarı yeyib təsbehi alır əlinə, başlayır hesablamağa: bəzzaz Palazqulaq oğlu – otuz manat, Fərə Cəfər – əlli manat, süpürgəsaqqal “Başlarını yerə, quyruqlarını göyə qaldırırlar. Guya ki, Allaha ibadət edirlər”. Rəhim - on manat, dana Bayram - on manat, körükburun oğlu - on manat, çürük Mehdi - on manat, yetim Dadaş - beş manat, cıq-cıq Fərzalı - beş manat, içgənə Kərim - beş manat, zurna Balaxanımın uşaqları – on manat, qaban Kazım bəy – bir at, ya əvəzində iyirmi manat, quzğun Səfi bəy – bir çuval buğda, keçəl Mir Heydər – bir şaqqa keçi əti... Bu növ müridləri bir-bir sayandan sonra üzünü ortancıl arvadına tutub deyir: – Ay balam, nə qədər hesab eləyirəm, altı yüz manat da düzəlmir. Bilməyirəm, necə eləyim? Mənim ümidim bu ramazan ayınadır. Buna xatircəm olub, min manatadək borc eləmişəm və nisyə mal almışam. Belə getsə, axırda acımızdan qırılarıq. Üç arvad, səkkiz uşaq. Bunlar necə dolansınlar? Keçmişdə hər ramazanda əlimə min beş yüz manatdan artıq pul gəlirdi. Bazar gəldikcə kasadlaşır, camaat dindən, məzhəbdən çıxıb, üləmaya etina eləmir. Allah evlərini yıxsın bu urusca oxuyub camaatı yoldan çıxardanların... Məscidə gedirsən – bomboş. Amma tiyatırdı, nə dağılmışdı, ağzınadək dolu! Buna nə deyərlər? Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. A kişi, gör iş nə məqamə çatıbdır ki, qanqal Sadıqla kaftar Tağı da uşaqlarını uşkolaya göndərirlər. Dünən nə qədər nəsihət elədim, olmadı. Hər bir belə şeyləri gördükcə, canım od tutub alışır. Bir az müddətdən sonra, şəhərdə bir müsəlman tapılmayacaq! Axırda gərək biz də gedib hamballıq edək. Sən güman edirsən ki, mən hər gün məscidə namaz qılmağa gedirəm, vallah yox! Ciyrəim od ilə dolu, mənim qulağıma namazmı girir? Namaz hardadır? Əyilib-qalxmaqdan sivay bir şey yoxdur. Hər rükuə gedəndə ki, paçamın arasından baxıb müridləri az görürəm, ürəyim qana dönür. Evin yıxılsın qəzet yazan! Balaların qırılsın uşkola açan! Gorun od ilə dolsun tiyatır binası qoyan! A kişi, bunu Allah götürər ki, qoyun Nəsirin oğlu da bığlarını qırdırıb meydana çıxa, nədir mən tiyatırçı olmuşam. Nəsir ki, özü bir Allahdan qorxan adamdır. Pərvərdigara, birliyin xatirəsi üçün fəryada yetiş. Yoxsa dini-islam əldən getməkdədir. Bu halda axunda xəbər verirlər ki, qiraət öyrənənlər gəlib cəm olublar. Axund çətinlik ilə durub, başını bulaya-bulaya keçir o biri otağa. * * * Dəccalabad “Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd, Gəh afəti-can şüd, Gəh molla-filan şüd, Gəh qonsulu xan şüd...” Qalə movlana Fazili-Nirani əleyhəşşərbətü vəlkəbab; fi kitabi “Məcməülmüzəxrəfar”, “Əddəccalü məhbusun fi təhti Bəhrilxəzər”, yəni Dəccal, Kaspi dənizlərinin altında dustaqdır. Şəkkakə lənət! Kaspi dənizinin kənarında, Hacıtərxan ilə Ənzəli arasında bir şəhər var. O şəhərin adı Dəccalabaddır. Dəccalabadda kafir çox azdır. Əhalinin əksəri marallarımdır. Dəccalabad marallarımı İki şeydən tanımaq olar: bir qulaqlarından, bir də papaqlarından. Qulaqları yastı və bir qarış olar. Papaqlarının da ortasını qabağa geyərlər. Dəccalabad marallarım çox dindardırlar. Ilin on bir ayını ağlarlar. Odur ki, Dəccalabaddan mərsiyəxan əskik olmaz. Iran dursun kənarda. Hələ Qarabağdan da oraya mərsiyəxan gəlib çıxır. Bir vaxt Karyagindən bir nəfər mərsiyəxan gəlib orada bir ay mərsiyə oxuyub min manat pul almışdı. Axırda bir gecə cənab axundun bir nəfər dul arvada elmi-izdivacdan leksiya oxuduğunu görüb hərçənd bədgüman olub, bir qədər narahat eləmişdilər, amma sonra həqiqəti anlayıb axundu ehtiramla yola salmışdılar. Belə danışırdılar ki, mərasimi-ehtiramat əsnasında axundun İki qabırğası sınıb, papağı da yox olub. Nə eybi var. İmam yolunda İki qabırğa ilə bir papağın nə maliyyəti? Məhərrəm ayında marallarım məscid həyətində təkyə saxlarlar. Həyətin dörd tərəfi hücrələrdir. Bu hücrələrin hamısında mərsiyə oxunur. Hücrələrin qabaqlarına da yerə taxta çalınıb və taxtanın içində yüzədək içi su ilə dolu teştlər düzülüb. Hər maral teştlərin üzünü dəöpməyi özünə fərz hesab edir. Qadınlar isə teşti öpəndən sonra suyun içinə pul da salırlar. Camaat çəkiləndən sonra şeyxlər gəlib pulları yığırlar. Hər gün on beş, iyirmi manat cəm olur. Bir məhərrəmdə nədənsə neçə gün bir-birinin dalınca şeyxlər teştlərdə pul tapmırlar. Axırda məlum olur ki, ağacı qurd içindən yeyir. Hərdəm paltarını dəyişərək ilan olur. Bir gün məscidin yanından ötərkən gördüm böyük izdiham və qışqırtı var. Yumruq dolu kimi göydən yağır. Əvvəl güman etdim ki, mərsiyənin təsirindən camaat başına yumruq çırpır. Amma yaxına gəlib gördüm ki, yumruqların hamısı bir maralın başına dəyir. Belə məlum oldu ki, şeyxlərdən birisi başına çadra salıb, gəlib arvadların cərgəsinə qoşulub, onlar ilə bahəm teştləri ziyarət edir və salınan pulları da götürüb cibinə qoyurmuş. Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. İndi Dəccalabad şeyxləri hamısı qadın azadlığı tərəfdarı olublar. Deyirlər: “Əgər arvadlar üzü açıq gəzsələr, şeyxlər arvad libası geyib pullarımızı oğurlaya bilməzlər”. Dəccalabad belə şəhərdir. Odur ki, Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır. İndi xüruci yaxınlaşdığından, onu göz dustağı ediblər və özünə də izin veriblər ki, kaspi dənizinin kənarında olan şəhərləri birbəbir gəzib özü üçün minməyə bir uzunqulaq tapsın. O da şəhərləri dolanır və hər şəhərdə bir sifətə düşüb, özü üçün minik axtarır. Məsələn, Ənzəlidə Seyid Qurqur sifətində, Lənkəranda Molla Mirzəcan ya Hacı Molla Abbasqulu sifətində. Bakıda... onu deməyə qorxuram... hər mollanın beş qoçusu var. Adamın başına bir oyun açarlar ki, pişiyə Əbülqasım deyər. Qubada Hacı Molla Baba, Petrovskidə Molla Qəvam, Dərbənddə Səməndər, Hacıtərxanda Molla Əbdürrəhim sifətində... Ulağın çoxluğundan Dəccalın gözü böyüyüb, bilmir hansının qulağından yapışsın. Günlərin bir günündə Dəccalabad marallarım məclis qayırıb qət edirlər ki, bir üsuli-cədid məktəbi açsınlar. Dəccal bu məclisdə sədarət edir. Üzünü camaata tutub deyir: “Camaat, bu məktəb bir gözəl şeydir, bəşərti ki, onun müəllimi də maral ola. Yoxsa gedib bidin, başı şapkalılardan, yainki Istanbul sünnilərindən gətirəcəksinizsə, yaxşısı budur ki, bu məktəb məsələsini büküb palazın altına qoyaq”. Marallar sədrin nitqini ürəkdən alqışlayıb qət edirlər ki, yazıb Tehrandan Şeyx Feyzullah zavodundan iki nəfər müəllim təklif etsinlər. Sonra başlayırlar ki, məktəbin adını nə qoyaq? Biri deyir: “Məktəbi-şamatət”, biri – “Ləamət”, biri – “Nədamət”, biri – “Iftizah”, biri – “İzmehlal”... İndiki Mahaç-Qala Sədr təklif edir: “Mədrəsəyi-töhmət”. Bu ad hamıya xoş gəlib məclis tərəfindən qəbul olunur və haman məclisdə müəllimlər xüsusunda Tehrana kağız yazılır. İki aydan sonra Tehrandan İki nəfər müəllim varid olur. Iranlılar bir qəribə tayfadırlar; hər yerdə olsalar, hökmən gərək aftafaları ilə konsulları yanında olsun. Məktəb müəllimləri Iran təbəələri olduqlarından, Dəccal konsul sifətində gəlib məktəbə malik olur. May ayında konsul xəbər tutur ki, məktəbdə imtahani-ümumi düzəltmək istəyirlər. O saat məktəbə təşrif gətirib əmr edir ki, imtahani-ümuminin proqramını ona təqdim etsinlər. Müdir başlayır bir-bir oxumağa: Əvvəlinci: “Vətən – Zavallının əşarından. Konsul ilan çalmış tək sıçrayır: – Amandı, nə fikirdəsən? – Xan, necə? – Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirirsən? Bəlkə sabah gəlib məktəbi bağladılar. – Eybi yoxdur, bu dursun. İkinci: “Ayıl ey milləti-iran, oyan bu xabiqəflətdən!” – Ay xanəxərab, dayan! – Nə oldu, xan? – Xanəxərab! Rus Təbrizdə əyləşib! Sən milləti-Iran sözü danışırsan. Bundan sonra əlbəttə gərək “millət” sözü ortalığa çıxmasın! – Xub, bu da dursun. Üçüncü: Bir günü tülkü girdi bir bağa, Baxdı orada sola, həm sağa, Gördü o bağda üzüm saralıb, Konsulun bığları əcəb qaralıb. – Bax, budur ha! Belə əşardan oxut, xalq ləzzət aparsın və bir də çalış “insaniyyət”, “mürüvvət”, “həmiyyət”, “ittihad”, “namus”, “qeyrət”, “mədəniyyət”... və habelə sözlər ortalığa gəlməsinlər. – Baş üstə, xan! İmtahani-ümumi başa gəlmədi. * * * Yaşılbaş sona “Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”. Vaqif Bu iki misra məşhur şairimiz mərhum Vaqifin əşarındandır. Xan zamanında Vaqif neçə vaxt Kür qırağında qalıb, təngişməyi və vətənə qayıtmaq arzusunu bu şeirdə yazıb. Vaqifin təngişməyinə bir səbəb yaşılbaş sonaların yoxluğu olub; nə Kür tək gözəl çayın mənzərəsi, nə ətrafındakı gözəl meşələr, çəmənlər, heç biri onun ürəyini şad etməyib, ancaq yaşılbaş sona axtarıb. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Vaxta ki, bu əyyamda camaat bilməyir yaşılbaş sonanın əlindən başını götürüb haraya qaçsın. Yaşılbaş sonanın biri Şamaxıdan gəlib əyləşib Aşqabadda. Yazıq Aşqabad əhalisi bilməyir haraya qaçsın. Görürsən çıxır minbərə, başlayır: “Başlarını uzadanlara lənət! Üzlərini qırxdıranlara lənət! Qəzet yazana lənət! Qəzet oxuyana lənət! Bunlara lənət! Onlara lənət!..” Qırmızısaqqal, haçabirçək müridlər ağız-ağıza verib hind toyuğu tək bağırırlar: “Lənət!” Bu dəfə sonanın gözü bir üzü qırxığa sataşır. O saat rəngi üzündən qaçıb quyruğu kəsilmiş ilana dönüb qışqırır: “Nə baxırsan üzümə, bilmirsənmi mən kiməm? Mən peyğəmbərin qılıncıyam!” Belə anlayıram ki, əgər Vaqif orada olsaydı ona cavab verərdi və deyərdi: “Yalan deyirsən, sən peyğəmbərin qılıncı ola bilməzsən. Bəlkə Şimir Zilcovşənin xəncərisən! Şimir İmam Hüseynin başını bir dəfə kəsdi. Amma sən, İmam Hüseyn yolunda can verdiyi haqqı gündə bir batil edib onun başını hər gün kəsirsən”. (Məsləkdən bir az çıxmağı idarə bağışlasın. Ürək yazır, qələm yazmır). İkinci yaşılbaş sona neçə il bundan əqdəm Tiflisdə peyda olub, az qalmışdı sünnini-şiəni bir-birinə qırdırsın. Gəncə yaşılbaş sonası həmçinin. Qarabağ yaşılbaş sonası babasının qəbrini Cıdır düzündə ocaq qayırıb, özü də cadugərlik ilə Qarabağ xanımlarında istitaət qoymayıb. Təbrizdə xuliqanlıq edib boğazından asılandan nə deyim? Bakıda hürriyyəti-insan tərəfdarını təkfir edəndən nə deyim? Məşhəddə adamları kötəkləyib güc ilə pul alandan nə deyim? Təbriz yolunda müsafirlərin üstünə qarışqa tək tökülüb soyanlardan nə yazım? Yaxşı ki, Vaqif bu əyyamda yoxdur. Əsla yaşılbaş sona arzu etməzdi. Amma bir şey xəyalıma gəlir. Vaqif nə qədər arif olsa idi, yenə adı molla idi. Mollalara yaşılbaş sonaların dirisindən də olmasa ölüsündən mənfəət dəyir. Məsələn: on, on İki il bundan qabaq bir nəfər yaşılbaş sona Kərbəladan Qarabağa gəlib yekəqarın mollanın evində sakin olub bir qədər qalandan sonra vəfat edib, aparıb Mirzə Həsən qəbiristanında dəfn ediblər. Bir nəfər çayçı kişi, ləqəbi “Yıxılqo” sübh gəlib and içib camaata xəbər veribdir ki, gecə yaşılbaş sonanın qəbrində çıraq yandığını öz gözü ilə görüb. Camaat bunu eşidən tək ağsaqqal, qırmızısaqqal, uzunsaqqal, gödəksaqqal və cəmi şəhərin övrətləri hamısı tökülürlər qəbrin üstünə ziyarətə. Yekəqarın molla görür ki, bu qəbir yaxşı mədaxil yoludur. Məlum edir ki, çünki yaşılbaş sona mənim evimdə ölübdür. Onun qəbrinin təəllüqü mənədir. İndi o qəbri haman “Yıxılqo” deyilən şəxsə icarəyə verib, ildə nə qədər pul alır. “Yıxılqo” da çayçılığı buraxıb gedib həmin qəbirdə mücavirlik edir. Yaşılbaş sonanın qəbri o gündən böyük ziyarətgah olub və başdaşında bu sözlər yazılıb: Güşadə bad bələzzət həmişə in dərgah Bəhəqqi dini məişət Həmid, Mədəli şah. * * * Qiraət “Zər ki, nə dər rahi-Nataşa büvəd Bari-giranist kəşidən bə cib”. Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi-beyzası var idi. Bilirəm, bu sözləri oxuyan sual edəcək: – Məgər qarpız kəsmək də bir səliqə istər? Əlbəttə istər; böyük səliqə istər. Inanmayan, Məşədi Qulamın dükanına buyurub tamaşa etsin. Sizi inandarıram ki, əgər Məşədi qarpız kəsdiyi kimi diqqətlə ticarət etsəydi, İndi onun pulu əlli min deyildi, Sultan Əbdülhəmidə və Məmmədəli şaha işarədir. “Nataşanın yolunda qoyulmayan qızıl, cibdə gəzdirilən ağır yükdür”. yüz əlli min idi. Əgər bu diqqəti namaza versəydi, yəqin cənnət vağzalında yetmiş min huri İndidən onun gəlməyinə mintəzir olardı. Bəli, Məşədi papağını və çuxasını mismardan asıb, başında araqçın, qolları çirməkli, bir əlində bıçaq, bir əlində qarpız, kəmali-ədəblə əyləşib qarpızı əlində dolandırdı. Qarpızın saplağı tərəfini dairə kəsib, sonra dörd bölüb yerə atdı. Qatıq parçalarının İkisi qara tərəfinə düşəndə Məşədi sevİndiyindən qarpızı və bıçağı yerə qoyub, İki şəhadət barmağını bir-birinə ilişdirib “oxay, yəqin barışacaq” deyib bərk şaqqıldatdı. Mən çox istərdim ki, mənim yazdıqlarımı oxuyanlar mənim özümə də bir az bələd olsunlar; ona görə özümü oxucularıma nişan vermək istəyirəm. Cəmi oxucularıma məlum olsun ki, mən İndiyədək heç bir kəsin sirrini açmamışam. Hər kəs mənə xəlvət bir söz desə, yəqin etsin ki, o söz mənimlə qəbrə gedəcək. Inanın və etiqad edin ki, əgər İskəndəri Zülqərneynin başını qırxan dəllək mən olaydım və onun buynuzlarını görəydim, gedib quyuya da deməzdim və oradan da qamış bitib xalqa xəbər verməzdi. Mən heç kəsə deməmişəm və qiyamətədək demərəm ki, Məşədi Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var və Nataşa üç gün bundan qabaq məşədi ilə dava edib, onu evindən qovub. Səbəb də bu olub ki, Nataşa məşədidən brilyant üzük xahiş edib, məşədi də ona yaqut üzük gətirib. Xəyal etməyin ki, məşədi bunu xəsislikdən edib. Xeyr. Məşədi Nataşanın yolunda canından da keçər. Məhz yaqutu brilyantdan gözəl hesab edib, alıb. Ancaq Nataşa yaqutdan əlavə bir brilyant üzük də almaq istəyib. Məşədiyə: “Ləin, xəsis! Sən məni istəmirsən!” deyib qovub. Bu sirri əgər mən bir adama açıb desəm, dilim lal olsun və qiyamətdə Məşədi Qulamın yanına Hacı Molla Baba sifətində gəlim. Xülasə, Məşədi Qulam yenə qarpızı əlinə alıb İki tərəfdən kəsib yerə vurdu. Qarpız İki parça oldu. Bunu da deməliyəm ki, əgər qarpızın parçalarını tərəziyə qoyub çəksəydin, biri-birindən nə bir misqal ağır, nə də bir misqal yüngül gələrdi. Bu da səliqənin nəticəsi idi. Məşədi başını aşağı salıb qarpızın parçalarını bir-bir içəri ötürməkdə idi. Bir də başını qalxızıb gördü, Nataşanın nökəri balaca rus uşağı, əlində kağız, qapıda durub. Məşədinin gözləri məşəldar pişiyin gözləri kimi şəfəq verdi; soruşdu: – Nə var, bala? Xeyir ola? – Nataşa kağız göndərib. Uşaq kağızı məşədiyə verdi. Məşədi kağızı alıb açanda ətir qoxusu dükanı başına götürdü. Sonra uşağı içəri çağırıb kağızı ona verdi və dedi: – Yavaşca oxu, qulaq asım. “Mənim əziz Maşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd təqsir sənin özündədir. Amma yenə peşman olub, səninlə barışmaq istəyirəm. Bu gecə səni gözləyəcəyəm. Əlbəttə gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin qırxıq başından üç dəfə öpüş alacağam”. Ətrafdan baxan olmasaydı, məşədi qalxıb dükanın ortasında bir “Uzundərə” oynardı. Uşağın ovcuna bir dənə kök on şahılıq basıb dedi: – Get degilən: “Xaraşo!” Uşaq cəld dükandan çıxıb getdi. Məşədi təzədən nahara şüru etdi. Amma sevİndiyindən qarpızın parçaları boğazında qaldı. Axırda barmağını da qarpızla bir yerdə elə dişlədi ki, qanı axdı. Naharı qurtarıb keçdi dükanın dalına. Lüləyindən su töküb əlini yudu və silə-silə qayıtdı: çuxasını, papağını mismardan alıb geydi; çölə çıxdı və dükanın qapısını örtüb üz qoydu birbaş cavahirfiruş Manqasarın dükanına və gedərkən ahəstə zümzümə edib oxuyurdu: “Pərişan türreyi-tərrar, gahi rast, gahi gəc, Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc!” Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama döşəmə-plov bişirsinlər. Məşədi öz-özünə dedi: – Çox gözəl olardı ki, bir dənə də toyuq alıb göndərim çığırtma eləsinlər. Axşam plovla aparım Nataşanın qulluğunda ağız ləzzəti ilə yeyim. Və yenə deyirdi: – Allah kəssin müsəlmanın evini-eşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, İki ildən yuyulmamış əl dəsmalı... Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl-bıçağın şəfəqindən göz qamaşır. Guya İndicə fabrikdən çıxıb. Ağ libaslı, ağ döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortalığa çıxardır. Nataşa özü paltarının ən lətifini geyib, gəlib əyləşir ustolun başında: əl patiska ağı, sifət ay parçası, tüklərinin qoxusundan adam bihuş olur... Di gəl, arvad ölmüş hər nə yarar paltarı var, geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üstbaşından bozbaş iyi gəlir... Xülasə, hər kəsin rus aşnası yoxdur, canının rahatlığı yoxdur. Məşədi xəyal dəryasına qərq, gedə-gedə bir də gördü ki, baron Manqasarın dükanının qabağındadır. Qapını açıb daxil oldu: – Allah saxlasın! – Allah saxlasın! Nə var, ay məşədi? Xeyir ola? – Xeyir olmamış nə var? Lənət şərə! Bir dənə yaxşı brilyant üzük lazımdır. – Tapılar, çox yaxşıları var. Məşədi, bu üzükləri almaqda deyəsən bir xeyir iş var? – Nə eləyim, bizim oğlana istəyirik bir nişan kimi taxaq. – Allah mübarək eləsin! Allah mübarək eləsin! Oğlun yaxşı oğlandır. Manqasar qutudan neçə dənə üzük çıxardıb qoydu məşədinin qabağına. Məşədi bir dənəsini götürüb soruşdu: – Bunun qiyməti necədir? – Səkkiz yüz manat. Çox danışıqdan sonra yeddi yüz əlli manata üzüyü alıb Manqasara əl verib, “salamat ol!” deyib dükandan çıxdı. Oradan gedib bir toyuq alıb hammal ilə göndərdi evə və sifariş etdi ki, cığırtma qayırsınlar. Hammalı yola salıb qayıtdı dükanına. Məşədi dükanında hərçi çalışdısa, qərarı gəlmədi. Gah əyləşirdi, gah qalxıb dükanda o baş-bu başa var-gəl edirdi. Tez-tez saata baxırdı. Saat zəhrimarın da əqrəblərini guya tutub saxlayan vardı. Axşam olmurdu ki, olmurdu. İstədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. O da baş tutmadı. Axır dükanı bağlayıb getdi hamama. Hamamda kisə çəkdirib, qüsul eləyib, namaz qılıb, saqqalına həna yaxdırıb, yatdı. Bir azdan sonra oyanıb hənanı yudurdub, rəng yaxdırıb yenə yatdı. Axşam azanına bir saat qalmış Məşədi Qulam təravətlənmiş, hamamdan çıxıb yavaş-yavaş evə gəldi. Arvad kişini mütəfəkkir görüb soruşdu: – Ay kişi, nə olub belə fikirdəsən? – Nə olacaq, başıma daş düşüb, əməyim, zəhmətlərim, ibadətim hamısı zaye olub getdi. Kişi evi dağılmış fikir etməyib, nə eləsin? Bu gün Molla Sadıq gəlmişdi dükana. Deyir: “Məşədi, qiraətini bilirsənmi?”. Dedim: “Xeyr, bilmirəm”. Dedi: “Bəs bu yaşa çatıbsan, hələ qiraətini də bilmirsən, ay bədbəxt? Vay sənin halına! Sən də behişt arzusundasan? Əgər qulaqlarının dibini görsən, behişti də görərsən. Xanəxərab, nə fikir edirsən? Canına yazığın gəlsin, cəhənnəmin odundan qorx”. Deyir: “Qiraətsiz yüz il namaz qılsan, bir qara qəpiyə dəyməz, sənə ancaq boş yerə əyilib-qalxmaq qalacaq. İndi rəmazan yaxınlaşır. Axşamlar gəl bizim evdə qiraət öyrən! Bəlkə bu rəmazanı qayda ilə tövbə edib, namaz qılasan, günahın bağışlana”. İndi əlacım yoxdur, arvad, gərək bu axşamdan başlayıb neçə gün gedim axund evinə, qiraət öyrənməyə. Bir qab yaxşı plov çək, çığırtmanı da qoy yanına, faytonda aparım axundun qulluğuna, orada bahəm yeyib, qiraətə məşğul olaq. Arvad plovu çəkib, bir podnosa qoyub və saçaqlı bir örtüyə büküb verdi məşədiyə. Məşədi isə plovu faytona qoyub, birbaş çapdı Nataşanın mənzilinə. Ürəyi atıla-atıla qapının zəngini basdı. Qulluqçu cəld qapını açdı. – Barina doma? – Doma! Nataşa məşədinin səsini eşidib yüyürdü qapıya, əlindən tutub, çəkdi birbaş yatacaq otağına... Plovu da qulluqçu apardı mətbəxə. Nataşanın məşədiyə ilk sualı bu oldu: – Gətirdin? – Gətirdim! – Ver buraya! Məşədi üzüyü cibindən çıxarıb təqdim elədi. Nataşa üzüyü görüb, şadlığından atılıb-düşüb, məşədini üç dəfə başından, neçə dəfə saqqalından öpüb, üç dənə öpüş də özü ona verdi. Şamdan sonra məşədi əyləşmişdi divanın üstünə, Nataşa da uzanıb başını onun dizinin üstünə qoyub, ona qiraət öyrədirdi: – Deyinən lyublyu! – Loblu! – Lyublyu! – Loblu! – Lyublyu! – Loblu! Hər nə qədər Nataşa səy edirsə, məşədiyə “lyublyu” (yəni sevirəm) sözünü öyrədə bilmirdi. * * * Sübh məşədinin arvadı yatmışdı. Ayaq səsləri eşidib gözlərini açdı, gördü məşədidir. Ayağı ayağına dolaşaraq bir para sözlər danışır, bir ucdan deyir: – Vələzza... vələzza... vələzza... Arvad qorxub güman etdi ki, kişinin başına hava gəlib, soruşdu: – A kişi, nə danışırsan? – Dinmə, arvad, vələzza... vələzza... vələzza... – A kişi, sən Allah, bircə de görüm, nə söyləyirsən? – Arvad, qoymazsan qiraətimi öyrənim? Bu gecə sübhədək çalışmışam. “Əlhəmdü” surəsini tamam öyrənmişəm. İndi nə qədər eyləyirəm, “vələzzalin” çıxmır... vələzza... vələzza... – A kişi, bircə gəl yat, yuxunu alandan sonra öyrənərsən! Arvad məşədini güclə soyundurub yıxdı yerə. Məşədi yerə girən kimi getdi yuxuya. Kişi yatandan sonra arvadın yadına düşdü ki, günortaya bişəsi xörəyi soruşmadı. Yavaşca gəldi ərinin yanına: – Məşədi, məşədi! – Hımm!.. – Günortaya nə bişəcək? – Loblu... loblu... – Nə deyirsən? – Loblu... loblu... Günorta zamanı məşədi yuxudan ayıldı. Soruşdu: – Arvad, nə bişirmisən? Cavab verdi: – Lobyalı qovurma. Özündən soruşdum, dedin lobyalı! Mən də lobyalı bişirdim. – Hə, qoçağım arvad, yaxşı eləyibsən. Məşədi lobya qovurmasını yeyib, dəstəmaz alıb, cümə günü olduğuna görə getdi məscidə, camaat namazına. * * * Şəbih “Ey dad Şimr əlindən Fəryad Şimr əlindən! Köpək götürdü qaçdı Bir cad Şimr əlindən”. Məhərrəm ayının iyirmisi və ya iyirmi İkisi idi, xəyalımdan çıxıb. Oxucuların da əhvalına təfavüt eləməz... Nahardan sonra çıxıb özümü yelə verirdim. Xəstəxananın yanından bir şəxs çıxdı. Üzü sarıqlı, qoltuqlarında İki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Yaxınlaşanda Ağayi Füzulüzzakirini tanıdım ki, qabaq mənimlə aşna idi və neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən, bayatı-qacarları ilə ləzzəti-ruhani veribdir. – Ağa, olmasın azar, bu nə halətdir sizdə görürəm? Cavab verib dedi: – Ayaq üstündə dura bilmirəm. Keyfiyyətim uzundur. Məni öz mənzilinə apar, orada söhbət edərik. Ağanı faytona mİndirib gətirdim evə, dedim samavar hazır etsinlər. Özümüz keçdik otağa. Ağa buyurdu ki, samavar yaxşı şeydir, amma mümkün olsa idi bir az başqa boğaz isladan verəydin, bəd olmazdı. Ərz etdim ki, bitədarükəm, inşallah gələn dəfə düzələr. Ağa papiros çıxardıb, yandırıb, İki yanıqlı qullab vurandan sonra bir ah çəkib dedi: – Evim yıxıldı. Bu il mədaxildən düşdüm, yaxşı qazancım olacaq idi, Allah vermədi. Yəqin məsləhət belə imiş! Dedim: – Bunlar hamısı ötüşər, insana cansağlığı lazımdır. Yaxın əyləş, söhbətini başla! Ağa özünü yaxına verib bir öskürdü, sonra başladı hekayəti: – Ərz olsun sizin xidməti-şərifinizə, bu il bizim Ərdəbil şuluq olmağına binaən vaxtında özümü buraya yetirə bilmədim. Özünüzə məlumdur ki, mən də həmişə məhərrəm ayına bir ay qalmış Qafqaz məmləkətinə gəlirəm və vaxtında, oxumalı məscidləri müəyyən edirəm. Ona görə də Allah mömin qardaşlara bərəkət versin, ildə beş-on şahı qulbeçələrimə çörək pulu aparıram. Bu il məhərrəm ayına ancaq on gün qalmış Badkubəyə varid oldum. Təkyələri bir-bir gəzib, gördüm hər yerdə mərsiyəxan tutulub. Getdim Gəncəyə, olmadı. İstədim Irəvana, Naxçıvana tərəf gedim, məsləhət görmədilər; dedilər: “Gedərsən Molla Mahmud Çakərlə Şahtaxtılı oğlu o qədər vurarlar ki, bir belə də şişərsən”. Çox fikir edəndən sonra dedim: yenə Dəccalabad yaxşıdır. Oranın əhli həm mömİndirlər, həm mərsiyəxana ehtiram edirlər. Gəldim çıxdım Dəccalabada. Məscidlərə getdim, mərsiyəxan hazır, təkyələrə getdim, həmçinin. Axtarıb bizim Molla Nəbiqulunu tapdım ki, çoxdan Dəccalabadda müqimdir. Ərbədildə arvadı ilə dalaşıb, dörd uşağı ilə qoyub gəlib. Dəccalabadda İki arvad alıb. Biri iranlı, o biri həmin yerli. Yaxşı oğlandır, allah öz pənahında saxlasın Dəccalabadda əmələyi-movtadan hesab olunur. Çox danışdıqdan sonra Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəccalabadın meydanında şəbih çıxardaq. Baxdım gördüm ki, bu da bəd deyil. On üç gün şəbih çıxartsaq, azından altı-yeddi yüz manat ələ gətirmək olar. Mən də razı oldum. Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Başladıq şəbihi: “Vəfati-Səkinə”, “Tiflina-Müslim”, “Ricəti-üsəra” və sair müsibətlərdən gətirirdik. Yığılan cəmiyyəti görsəydiniz, təəccüb edərdiniz ki, pul göydən yağış kimi yağırdı. Bu minvalla məhərrəmin doqquzunu başa verdik. Onuncu günü şəbihi şəhərin ətrafında, bir böyük kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. O qədər camaat yığışmışdı ki, iynə atsaydın yerə düşməzdi. Molla Nəbiquluya dedim ki, bu dəfə sən Cəbrayıl şəbihi olacaqsan. Bir uca ağacın baş budağına bir yeşiyi kəndirlə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində və tapşırdım ki, İmam şəbihini şəhadətə yetirəndə ağacın başından uca səslə “qütiləl Hüseyn” deyib qışqırarsan. Özüm də bir sarı qoyun dərisindən tikilmiş kürkü tərsinə geyib bir damın içində gizlənmişdim ki, “İmamı” şəhadətə yetirəndən sonra gəlim meydana. Şəbih başlandı. Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Nəinki camaat, yerlər, göylər, ağaclar... hamısı, deyə bilərəm, səs-səsə verib nəvayə gəlmişdilər... Damın içindən baxıram, gözlərimdən yaş sel kimi axır. Şühəda bir-bir gəlib şəhid oldular. Axır növbət yetişdi İmam Hüseyn şəbihinə. Bu şəbih əlində qılınc meydana girəndə camaata bir vəlvələ düşdü ki, dil nəql etməkdən acizdir. “İmam” şəbihi şəhadətə yetəndə qulağımı verdim Nəbiquluya tərəf. Dedim: İndi “qütiləl Hüseyn” səsi oradan gələndə camaatın yarısı bihuş olub özündən gedəcək. Bir də eşitdim bir şey top kimi partladı, camaat bir-birinə qarışdı. Qorxub başımı damdan bir az eşiyə çıxartdım ki, görüm nə əhvalatdır. Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulunu yeşiklə bərabər ağacdan uçub; düşüb Qasım otağının üstünə. Otaq əzilib, Molla Nəbiqulu “vay öldüm” deyib zarıyır. Camaat Molla Nəbiqulunu bir evə apardılar. Bir də eşitdim: bir ağsaqqal kişi qışqırır: “Atana lənət, ay İmam təziyəsinə şuluqluq salan!” Camaat sakit oldu. Hər kəs çəkildi öz yerinə. Növbət mənə yetişdi ki, damdan çıxıb dörd əl-ayağımın üstündə meydana gəlim. Damla meydanın arası bir əlli qədəm olardı. Damdan, əynimdə tərs kürk, heyvan sifətində çıxan kimi kəndin bir sürü itləri tökülüb üstümə başladılar məni dartışdırmağa. Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar və haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. O vaxtdan xəstəxanada yatıram. Aldığım pulların çoxusu xərc olub. İndi Allah bilir, nə vaxt sağalıb vətənə qayıdacağam. Ağa sözünü qurtardı. Qulaq asıb dedim: – Türk məsəlidir: “Dost yolunda çovğun olar, qar olar”. Nə eybi var, İmam yoludur; İmam özü fəryadına yetər. Ağa “Allaha pənah” – deyib çay içməyə başladı. * * * Pir “Qurban olum pir sana! Nə yatıbsan, dursana!” Mirzə Cavad bərk yorulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə İki-üç kitab, bir qələmdan, neçə varaq kağız,əyləşib müştəriyə müntəzirdirlər. Bu mirzələrin müştəriləri əksərən İran hambalları olar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar, dua və cadu yazdırarlar... Irəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Söz yoxdur ki, ticarətin mədaxilinin qədəri bağlıdır müştərinin azçoxluğuna. Həmçinin bu mirzənin də mədaxili gündə bir abbası ilə bir manatın arasında dolanırdı. Mirzə Cavad da bu mirzələrdən idi. Mirzə Cavadın bir oğlu var idi: iyirmi üç-iyirmi beş yaşında, adı Əhməd. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Hər gün sübh gedib gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlardı. Elə görərdin deyir: “Rejotuza sredino”, “uqol desyatovo”, “rəhmətlik oğlu, sən ki oyunçu deyilsən, odunçusan! Utanmırsan, mən tək hərifin qabağına çıxırsan?”... Bu növ hədyanatdan sübhədək danışıb, sübh durub çay içməmiş gedərdi. Əhmədin, doğrudan da, özünə hərif deməkdə haqqı var idi; doğrudan da, bilyard oynamaqda məharət yetirmişdi və şəhərdə də oyunçular arasında şöhrət qazanmışdı. Əhməd çox pul udardı. Amma hamısını xərc edib evə bir qəpik gətirməzdi. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi. Arvad bir stəkan çay töküb mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin altı göyərmiş, burnu qanamış, çuxasının bir qolu yox, paltar başdan-ayağa tabaşirə bulaşıq, xülasə, xubunca döyülməyin hər bir nişanəsi zahirdə. Anası oğlunu bu sifətdə görüb soruşdu: – A bala, bu nə kökdü düşübsən? Mirzə Cavad arvadın səsinə geri dönüb oğlunun halətini görüb başladı söylənməyə: – A məlun, ay xəsərəddünya vəlaxirə, bu nə sifətdir? Məgər başına peşə qəhətdir? Məgər Allah buyuran peşələrin birisinin dalınca gedə bilməzsən? Heç utanmırsan ki, səni üçdə bir, beşdə bir bu günə salıb mənim üstümə göndərirlər? Bir boyuna bax, məndən utanmrsan, taytuşundan həya elə. Xülasə, Mirzə Cavad o ki deməli idi, oğluna deyib, ürəyini boşaltdı. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi: – Əlbəttə, adam ki kasıb oldu, onu döyərlər də, söyərlər də. Adına divanə də deyərlər. Mənim pulum olsa, bir beş qoçu da mən saxlaram. İnsafdır ki, Hacı Rəsulun oğlu kimi it məni döydürsün? Təqsir onda, amma döyülən mən! Sən Allah, bir qulaq as! Şarı naznaçit eləyib uqola, şar gedib sredinaya düşür. Şarı götürüb deyir: “Elə mən sredinaya naznaçit eləmişdim”. And içdim, şahid göstərdim, markyordan xəbər aldım. Heç birisinə qulaq asmayıb dedi: “Elə belədir ki, belədir”. Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Elə onu dediyimi gördüm. Birdən üstümə bomba kimi partladı: “Adə, Prişkeviçin oğlu! Sən mənə yaman deyirsən?” Cinim vurdu başıma, yaxasına əl atan kimi üstümə İki qoçu düşdü. Onlar üç, mən tək. Məni bu kökə saldılar. İndi mən bir dövlətli kişinin oğlu olsa idim, Hacı Rəsul oğlunun ağzı nə idi mənim yavığıma gələ bilə idi. Əgər qoçular olmaya idi, ona elə qapaz ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı. Atası xəbər aldı: – Ay oğul, Poroşdoviç dedin, nə dedin, o nə sözdü? – Nə bilim nə sözdü. Yaxşı söz olsa öz atasına deyər. Soruşdum, dedilər ki, bu təzə rus söyüşüdür. Mənim bu kökə düşməyimin səbəbi bax mənim bu ocaq qırağında uzanıb yatan atamdır. Mirzə Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsa idi, belə cəld sıçramazdı. Üzünü oğluna tutub dedi: – A gədə, a zındıq oğlu zındıq!.. Gündə bir dəfə səni it kimi döyəcəklər, təqsir məndə olacaq? – Hə, gündə bir dəfə məni it kimi döyəcəklər, təqsir səndə olacaq. Həştad yaşın var, hanı sənin dövlətin? Tay-tuşlarının hərəsi bir kişi olub meydana çıxıblar. Sən elə yüz ildir, gözünü bir qələmdan ilə bir kitaba dİkibsən. Heç ölürsənmi? Sənin üstündə Nağının oğlu Musa gəldi milyoner oldu. Arabaçı Şəmsinin evinə Buxara əmiri qonaq gəlir. Hacı Zeynalabdin gündə İki şahıya çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabağı əvəzinə yaranal poqonu taxır. Axır bunların hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavodların, beşmərtəbə evlərin? Kişi dedi: – Ay balam! Məni basıb yeməyəcəksən ki? Onlara Allah verib, mənə verməyib, davan var, get Allah ilə elə. Dövlət ki, yerin deşiyindən çıxmaz. Bu söz Əhmədi daha da hirsləndirdi: – Bəs bu dediyim adamların dövlətləri göydənmi yağıb? Hamısının dövləti yerin deşiyindən çıxmayıb, hardan çıxıb? Şüurun ola idi, vaxtında xalq tutan yerlərdən bir beş desyatin də sən tuta idin, İndi də bir kişi ola idin. Mirzə Cavad cavab verib dedi: – Ay oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən bir az da özünə eləyəsən? Yer deşiyindən pul çıxartmaq asan isə, get sən də çıxart. Pul qazanmaq şüur, fərasət istər isə, səndə də olsun. Bu söz Əhmədi tutdu; Əhməd bir dərin fikrə gedib, birdən guya yuxudan ayıldı. – Yaxşı, ata, İndi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə! Bu sözü deyib, evdən çıxdı. Mirzə Cavadın kənddə atasından qalma bir xırda bağı və içində də bir somiəsi var idi. Istilər düşəndə arvadını götürüb gedib orada payızadək qalardı. Amma oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirərdi. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən bir-İki ay keçəndən sonra, Mirzə Cavad köçdü kəndə. Bu dəfə Əhməd də atası ilə getdi. Atası soruşdu: – A bala, səndən çıxmayan iş. Nə oldu ki, sən də bağa gedirsən? – Gedirəm yer deşiyindən pul çıxartmağa. Atası gülüb bir söz demədi. Xülasə, yığışdılar bağa. Bir gün Mirzə Cavad gördü ki, oğlu ətəyinin altında bir külüng gətirib evin bucağına atdı. Soruşdu: – Bala, bunu nə eləyirsən? Dedi: – Bəs, gərək yer qazam ki, oradan pul çıxsın. Bu külüng ilə bağda quyu qazıb, içindən pul çıxardacağam. Mirzə soruşdu: – Bala, sənin başın xarab olmuyubdur ki? – Eliyəndə duyarsan. Gecə camaat yatandan sonra Əhməd külüngü götürüb getdi bağa. Gün çıxana yaxın Mirzə Cavad dəstəmaz üçün həyətə çıxıb, gördü oğlu qapının qabağında beş arşın dərinliyində bir quyu qazıb. Yaxına gedib gördü içəridə işləyir, dedi: – Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Cavab verdi: – Kişi, danışma. Az qalıb pul çıxsın. Gecədən nə keçib? – Az qalıb gün çıxsın. – Bəs onda bu gecəlik kifayətdir. Qalanı da qalsın sabaha. Mirzə Cavad yəqin etdi ki, oğlunun başına hava gəlib. Halı xarab olub özözünə deyirdi: – Pərvərdigara! Varım-yoxum bircə oğlum var, o da divanə! Məsləhət sənindir, yarəbbi! Bu minval ilə neçə gecə bir-birinin dalınca Əhməd camaat yatandan sonra gedib bağda sübhədək işləyib, gün çıxanda gəlib yatardı. Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə (neçə gün idi getmişdi). Əhməd yeriyib atasının qolundan tutub, gətirdi qazdığı quyunun yanına: – Ata, görürsənmi? – Görürəm, oğul! – Bu nədir? – Nə olacaq, quyu! – İndi buraya gəl! Bu əncir ağacının dibindəki deşiyi də görürsənmi? – Görürəm, oğlum, nə olsun? – Nə olsun? Ay fəqir kişi! O quyudan burayadək lağım vurmuşam... Yenə başa düşmürsən? – Yox, oğul. Oxuduğum mənə qənim olsun əgər bir şey anlayıramsa. Nə olsun? Qapının ağzında bir quyu qazıb, yerin altı ilə bir lağım vurub gəlib çıxıbsan əncir ağacının dibinə. Burada bir deşik açıb aparıb o lağıma bitişdiribsən. – Nə olsun? Elə haman pul deşiyi budur. Get anamı buraya çağır, o başa düşər. Mirzə Cavad başını bulaya-bulaya arvadını gətirdi. Əhməd anasının qolundan çəkib deşiyi göstərdi. – Ana, görürsən? – Niyə görmürəm, bala! Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Əhməd dedi: – Ana! Bu gecə mən quyudan girib lağım ilə əncir ağacının dibinə gəlib bir şam yandırıb deşikdən dışarı çıxardacağam. Sən get qonşu arvadlardan bir-İkisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ondan sonra gəl, otur evində, işin yoxdur. Mirzə Cavad sevinmiş dedi: – Afərin, oğlum, yer deşiyindən pul çıxdı. Qoçaq oğlum, zirək oğlum!.. Əhmədin anası gedib keyfiyyəti bir neçə qonşuya dedi. Bu qonşudan o qonşuya, Gülpəridən Xanpəriyə, Xanpəridən Şahpəriyə... gecə vaxtı Mirzə Cavadın həyəti arvadlar ilə doldu. Hər kəs baxıb həqiqətdə əncir ağacının dibində şamın yandığını görürdü... Amma heç kəs qorxudan yavuğa gedə bilmirdi. Fatmanisə xala çox ürəkli idi, dedi: “Mən gedib baxaram”. Şama yaxınlaşan kimi şam söndü. Dala qayıdıb, camaatın içinə gələndən sonra gördü şamyenə yanır. Daha əncir ağacının pir olmağına camaatda şəkk qalmad... Pirin tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə də düşdü. Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim... Xülasə, Mirzə Cavadın qapısı oldu xan qapısı. Hər gün azından iyirmi manat mədaxil olurdu. Bəzi günlər mədaxil əlli, altmış manata çıxardı. Əhməd dedi: – Ata! İndi gördün yer deşiyindən necə pul çıxar? İndi sən əyləş burada, nə qədər kefİndir istirahət elə. Gələn mədaxildən ayda əlli manat sənin məvacibin. Qalan pulların hamısı mənə çatacaq. İndi görüm Hacı Rəsul oğlu kimi adamlar qabağımda necə duracaqlar. O gündən Şeyx Cavad piri şöhrət tapdı. * * * Bir gün küçə ilə gedirdim. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş sarı saçlı qız, yanımdan yel kimi ötdü. Yoldaşımdan onun kim olduğunu soruşdum. Cavab verdi. – Buna Mirzə Cavad oğlu Əhməd deyərlər; yanındakı da matuşkasıdır. * * * Tənqid Sübh saat on idi. “Iftira” qəzetəsinin müdiri öz kabinəsində “İqbal”ın nömrəsini qabağına qoyub oxuyurdu: “Şimdi düşün! Məlul bir beyti-həzin, bir kəlmənin üzərində bu vaxt – səkinanə ilə bitsin, sonra mütəntən bir qafieyi-digər bir beytin həşəmətimənasına bir qərari-möhtəşəm versin. Bütün şeir bir yandan vəznin əmvacimusiqiyyəsinə təslimi-nəfs edərək dalğalanırkən qafiyələr ötəyə-bəriyə mənidar zümzümələr, ruhpərvər nəğmələr sərpsin. Sonra o şeirdən bütün xabidə təşbihləri, bütün o köhnə cinasları çıxar...” Müdirin bu sözlərdən başı ağrıyıb qəzetəni atdı kənara. Bir az gərnəşdi, əsnədi, qələmi götürdü, istədi bir baş məqalə yazsın – hər nə qədər başına zor vurdu, bir şey çıxmadı. Bu halda kabinənin qapısı açılıb mühərrir Mirzə Mahmud daxil olub bir varaq yazılı kağız mizin üstünə qoydu: – Dünən oynanılan operettanın tənqididir. Tənqid bu idi: “Keçən cümə axşamı, ayın on İkisində “Sail” cəmiyyətinin opera artistləri tərəfindən Cibgir Xərguşov tərəfindən təzə yazılmış “Göbəyin ağ dələmə” adlı operetta mövqei-tamaşaya qoyulmuşdu. Operettaya qulaq verdikcə fikir dəryasına qərq olurduq və deyirdik: “Xudaya, insan gərək nə qədər insafdan, həyadan, vicdandan uzaq olsun ki, bədbəxt camaatın avamlığından istifadə edib toyuq kimi gündə bir operetta yumurtlayıb, səhnəyə çıxarıb, xalqın başını qırxıb, qulağını kəsə”. Operettanın məzmunu dərc olsa, ondan nəinki qarelər, hətta qələm və kağız da bəlkə qızarar. Ona görə onu yazmaqdan vaz keçib camaatımızdan rica edirik ki, əgər öz əhli və əyallarının ismətlərini gözləmək istəyirlərsə, bir də bu növ müzəxpəfata əyallarını göndərməsinlər. Birinci pərdədən sonra camaatın operettaya nifrəti aşkar oldu: başladılar teatrodan bir-bir çıxıb artistlərə föhş verərək evlərinə getməyə; üçüncü pərdə başladıqda teatronun yarısı boşalmışdı. Operettanın özündən bədtər artistlərin oynamağı idi. Baş rolu ifa edən Qudurğanov cənabları səhnədə etdiyi oyunbazlığı ilə özünün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut etdi. Bu növ artistlərin yeri laqolar, şəbədəbazlar məclisidir. Nəinki müqəddəs olan teatro səhnəsi. Çox təəccübdür ki, “Sail” cəmiyyəti bu növ şəxslərə birinci artist adı qoyub ortalığa çıxardır. Arvad rolunu ifa edən Suraxanski cənablarına bilmək lazımdır ki, adını artist, xüsusən opera artisti qoyan şəxs səhnədə oynamağı bacarmasa da, rolunu kökündən bilməsə də, gərək heç olmazsa, az-çox oxumaq bacarsın, bu cənab, görünür, elmi-musiqi nə olduğunu İndiyədək eşitməyib. Əgər biz Suraxanskini tanımasaydıq, güman edərdik ki, o ya hamam dəlləyidir, ya darğa şagirdi. Oxumağı da quyu dibindəki kənkan səsinə oxşayırdı. Qalan artistlər həmçinin rol bilməyib gözlərini suflyorun budqasına dikmişdilər. O ki, xor... bənzəyirdi CəmiyyətiXeyriyyənin iclasi-ümumisinə. İki adam bir söz deməyib hər kəs kefi istədiyini oxuyurdu. Üçüncü pərdənin axırını gözləyib teatrdan çıxdıq. Tamam yolu, bizim ilə çıxan adamların dilindən föhşdən sivayı bir şey eşitmədik. Ümidvarıq ki, bundan sonra hər bir şarlatan, adını musiqinəvis qoyub, camaatın alın təri ilə qazandığı pulları əllərindən alıb cibişdani-şərifə salmaya və Xərguşov kimi cənablar gedib aşnabazlıqdan, dəlləklikdən, halvaçılıqdan... nbir peşəyə məşğul olub camaatın yaxasını əldən qoyalar”. Mirzə Mahmud idarədən çıxıb gedərkən yolda Xərguşova rast gəldi. – Salaməleyküm. – Əleykəssalam. – Mirzə, haraya belə sürətlə gedirsən? – Gedirəm evə, nahara. – Sən öləsən, yaxşı əlimə keçibsən. Buradan bir yerdə gedəcəyik düz restorana. Qabaqca neçə dənə vodka verəcəyəm. Dalınca ləzzətli bir nahar, hər ləvazımatı ilə! Dünənki teatro barəsində hələ ki bir şey yazmayıbsan? – Bəli... xeyr... hələ bir şey yazmamışam, axşam yazacağam. – Çox gözəl, damağın durular, daha şirin yazarsan. Düş qabağıma gedək! Mirzə Mahmud Xərguşovla getdi restorana. Orada Xərguşov onu necə ki, lazımdır qonaq edib, araqdan, şərabdan layiqincə doyurub, bir üç manat da əlavə ovcuna basıb, çıxanda dedi: – Mən ölüm, yaxşı-yaxşı yaz! Gərək bacardıqca tərif edəsən. Mirzə Mahmud söz verdi ki, operettanı tərif etsin. Evinə yaxınlaşanda, gördü baş artist Qudurğanov mənzilinin qapısında durub: Mirzə Mahmudu görən kimi yeridi qabağa və dedi: – Mən elə səni görmək istəyirdim. Operetta xüsusunda qəzetəyə bir şey veribsən ya yox? Mirzə Mahmud bir az duruxdu: – Sabah şənbədir, qəzetə çıxmayacaq. Tələsməyə ehtiyac yoxdur. Qudurğanov Mirzə Mahmudun qolundan yapışıb dedi: – Mirzə Mahmud! Məni hər kəs tanımasa, sən yaxşı tanıyırsan. Mənə “Qudurğanov” deyərlər. Mən sənin gözünün qabağında rejissor Çulquduzova elə bir sillə tutuzdurdum ki, yarım saat ürəyi özünə gəlmədi. Məni yaxşı tanı! Anda olsun Allaha, əgər mənim haqqımda artıq-əskik yazmış olasan, səni Çulquduzovdan pis halətə salaram. Əgər istəyirsən başın salamat olsun, mənə dolaşma! Mirzə Mahmud vədə verdi ki, Qudurğanovu da bacardığı yerədək tərif etsin və bir növ onun əlindən qurtarıb gəldi mənzilinə; çarpayının üstə uzandı. Hər nə qədər cəhd elədi, gözünə yuxu gəlmədi. Bu halda gördü qapını döyürlər. Mirzə Mahmud başını qalxızıb dedi: – Kimsən, buyur! Qapı açılıb, arvad rolları ifa edən Suraxanski daxil oldu: – Salaməleyküm! Mirzə, deyəsən yatmışdın, səni narahat elədim. – Yox-yox yatmamışdım. Nahardan sonra bir qədər kəsalət basmışdı, bir xırda uzandım. Buyur əyləş. Suraxanski əyləşdi, soruşdu: – Söylə görüm məni çox söyübsən, ya az? Mirzə cavab verdi ki, hələ bir şey yazmayıb. Bu gecə yazıb, sübh aparıb, idarəyə verəcək. Suraxanski dedi: – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən, ya tərif edəcəksən, sənin işİndir. Mən xatircəməm ki, sən məni söyə bilməyəcəksən... Çünki mən səsdə oxuyanı və mənim tək artisti İndiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə buyursun oxuşaq. Elə, sənin özündən xəbər alıram: kimin hünəri var mənim kimi oynasın? Hansı məşhur xanəndə, Qaryağdı oğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Söz yox ki, yazanda insafı arada görəcəksən. Mən heç vaxt sənə demərəm ki, məni tərif et! Belə təvəqqe ancaq mənə əskiklik gətirib mənim şənimə toxunar. Bura gəlməkdə mənim məramım başqa idi. Budur, bir ildir ki, məndən əlli manat əl borcu alıbsan. Bilmək istərdim ki, o pulu nə vaxt verəcəksən. Pul çox lazım olduğuna görə gəlib səni narahat elədim. Təvəqqe edirəm sabah düzəldib verəsən. Mirzə Mahmud söz verdi ki, bir növ düzəldib versin. Suraxanski qalxıb əl verdi və dedi: – Xudahafiz, Mirzə Mahmud, dübarə təvəqqe edirəm çalışıb düzəldəsən, çox lazımdır. Yoxsa istəməzdim. Xudahafiz; o ki qaldı operetta, nə yazarsan özün bilərsən. Suraxanski getdi. Mirzə Mahmud çox sevİndi ki, sabah şənbədir, qəzetə çıxmayacaq, tənqidi bir növ dəyişdirmək mümkündür. Suraxanskinin də sözünə gülüb dedi: “Sən öləsən, bir il də məndən pul istəməyəcəksən. Hər dəfə mənə işin düşəndə bu borc məsələsini ortalığa salırsan”. Bir yandan nahar və üç manat nəqd, bir yandan döyülmə qorxusu, bir yandan əlli manat borcun istənilməsi Mirzə Mahmudu tənqidi dəyişdirməyə məcbur etdi. Sübh tezdən idarəyə gəlib mürəttibdən xəbər alıb bildi ki, hələ tənqid düzülməyib. Köhnə yazdığını alıb, bir ayrı varaq kağız verib dedi: – Bunu düz! Yekşənbə günü “Iftira” qəzetəsində operetta xüsusunda belə bir tənqid çap olunmuşdu: Teatr və musiqi “Göbəyin ağ dələmə” Keçən cümə axşamı ən gözəl bir tamaşaya nail olduq. Haman gecə “Sail” cəmiyyətinin opera artistləri tərəfindən bizim milli musiqinəvisimiz cənab Cibgir bəy Xərguşovun təzə qələmə aldığı üç pərdəli “Göbəyin ağ dələmə” adlı operettası səhneyi-tamaşaya qoyulmuşdu. Operettanın məzmununu yazmaqdan vaz keçib, hər bir görməyənə bu gözəl operettanı hökmən gedib görməyi tövsiyə edirik: “Şənidən key büvəd manəndi didən!” Bunu deyə bilərik ki, operettaya tamaşa etdikcə milli teatromuzun, musiqimizin tərəqqisini gün kimi aydın görüb ürəkdən şad olurduq. Yaşasın milli opera! Yaşasın milli musiqinəvisimiz cənab Xərguşov! Operettanı daha da gözəlləndirən artistlərin kəmali-həvəs və məharət ilə oynamaqları idi. Camaatın operettadan məmnuniyyəti bir pa- Eşitmək hara, görmək hara! yədə idi ki, əgər artistlər haman operettanı haman gecə təkrar edəydilər, yəqin hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər. Artistlərdən camaatın diqqətini cəlb edən söz yox ki, səhnəmizin zinəti və fəxri olan Qudurğanov cənabları idi. Artistin hər bir hərəkəti camaat tərəfindən ciddi alqışlanırdı. Elə ki üzünü məşuqəsinə tutub bu sözləri oxudu: “Göbəyin ağ dələmə, Görmüşəm, düymələmə! Di qoy, di qoy, Di qoy, məni yar öldürsün; Gözləri xumar öldürsün, Ixtiyarı var, öldürsün!..” Teatroya bir gurultu düşdü ki, az qaldı divarlar uçub tökülsün. Camaatdan baqqal Kərim, çaqqal Rəhim, saqqal Səlim o qədər əl vururdular ki, axırda hər üçünün ürəyi gedib yıxıldılar, onları faytona qoyub evlərinə apardılar. Biz İndiyədək səhnələrdə çox operalar və operettalar görmüşük və məşhur artistlərə qulaq asmışıq. Amma ürəkdən deyə bilərik ki, rolları ifa edən Suraxanski cənablarının səsi tək səs heç bir səhnədə, hətta rus səhnəsində də eşitməmişik. Bu artistin oxumağı oynamağından və oynamağı oxumağından qalmaz idi. Teatrodan çıxıb evə qayıdan vaxt camaatdan bu sözləri eşidirik: “Aya, Qudurğanovsuz və Suraxanskisiz teatroya getməkdə bir ləzzət olarmı?” Həqiqət bu İki vücud tetaromuzun zinətləridir. Qalan artistlər hamısı bəqədriməqdur rollarını keçirtdilər. Xor həmçinin layiqi-təhsin idi. Tənqidi tamam edib “Sail” cəmiyyətindən bu növ operettaların tez-tez səhnəyə qoyulmasını gözləyirik və Xərguşov cənablarından da bundan gözəl təsnifat yazıb səhnəmizi müzəyyən etməsini ümid edirik. * * * Acından təbib Şuşa və İrəvan arasında düşən bir qəzaya Zəngəzur qəzası deyirlər. Bu qəzanın çox yerləri dağlıq və əhalisi də kürdlərdir. Əhalinin peşəsi qaramal saxlayıb, yağ, pendir satıb onunla güzəran etməkdir. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ancaq dörd ay yollar şənlik olar. Aran tərəkəmələri qoyunlarını oraya, yaylağa apararlar. Alış-verişçilər dəstə-dəstə gedib kürdlərdən yağ, motal, yun... alıb, satış üçün Qarabağa gətirərlər. Kürdlər həmçinin gəlib şəhərdən özləri üçün qış tədarükü apararlar. Kürdlər dünyadan uzaq bir yerdə yaşadıqlarından pula qiymət qoymazlar və pulun hesabın da bilməzlər. Xüsusən arvadları. Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza... və habelə şeylərə dəyişərlər... Odur ki, oraya yağ, pendir almağa gedən bir atı güzgü, üskük, ucuz üzük, saqqız və sair bu ənva şeyləri ilə yükləyib yola düşər və qayıdan vaxtı bir at yükü lətif, kəhrəba kimi yağ gətirər. Bu sətirləri tacirlərimizin ittilaı üçün yazıb keçirəm mətləbə. Bir gün may ayının ortalarında İki yoldaş – mən və Kərbəlayı Məhəmməd yağ almaq niyyəti ilə bir qədər çərçi malı götürüb Zəngəzur tərəfə rəvan olduq. Turşsu adlanan bir yerə çatdıqda aclıq bizə ilə verdi. O yan-bu yana baxıb ev qaraltısı da olsun görmədik. “Pənah pərvərdigara” deyib bir qədər də yol getdik. Zarıslı kəndinə çatanda gördük kəndin ətrafında tərəkəmə köçü düşüb. Köç tərəfə yeriş edib bir az çörəkdən, süddən istədik. Alaçığın qabağında istirahət ilə uzanmış bir oğlan başını qalxızıb dedi: – Atam, keçin gedin! Heç zadımız yoxdur. Sizin kimi çərçinin gündə mini gəlib köçün yanından ötür. Hər birisinə bir kasa süd versək, gərək özümüz ac qalaq. Bu halda bir qoca kişi əllərini o yan-bu yana sürtərək alaçıqdan çıxdı. Baxdım ki, kişinin gözləri kordur. Söhbəti dəyişib soruşdum: – Əmi, çoxdanmı gözlərin tutulub? – Bala, İki aydan bir az artıq olar! Məlumdur, çılpaq tədbirli olar, xüsusən ki, qarnında tərs toy çalına. Kərbəlayı Məhəmmədi səslədim. – Kərbəlayı Məhəmməd, sən həkimliyini burada işlətməyib harada işlədəcəksən? Bir gəl əminin gözlərinə bax. Kərbəlayı Məhəmməd atdan düşüb qocanın müqabilində əyləşdi və mahir təbib kimi onun gözlərinə baxmağa başladı. Cavan oğlan yerindən cəld sıçrayıb üzünü Kərbəlayı Məhəmmədə tutub dedi: – Ay sənin başına dönüm, sən həkimsən? Kərbəlayı Məhəmməddən qabaq mən cavab verdim: – Bəli, çox adlı göz həkimidir. Belə həkim nəinki Firəngistanda, İranda da tapılmaz. Oğlan kəmetinalığından dolayı bizdən üzr istəyib getdi alaçığa. Sonra alaçıqdan bir nəfər üzü örtülü gəlin çıxıb alaçığın yaxınlığında ocaq qalayıb su ilə dolu bir qara aftafanı qoydu ocağa. Məlum oldu, bizim üçün çay tədarükü görülür. Həkim gəldiyini eşidib köç əhli tamam bizim başımıza cəm oldu. Kərbəlayı Məhəmməd diqqətlə qocanın gözlərinə baxıb dedi: – Inşallah, tezlik ilə gözləri açılar; amma gərək bir qədər qara qoyun quyruğu olsun. Cavan oğlan çobanı çağırıb buyurdu: bir qara erkək kəssin. Çoban getdi. Kərbəlayı Məhəmməd mənə dedi: – Sən də get mən dediyim nəbatatdan cəm et gətir! – Buyur! – Get gətir: bir qədər giyahi-mahi, bir qədər bərgi-dirəxtani səbz, bir az türünci-qərğəb. – Baş üstə, – deyib yüyürdüm səhraya və əlimə düşən ələfiyyatdan bir dəstə yığıb gətirdim. Kərbəlayı Məhəmməd mənə bir həvəng verib, buyurdu ki, ələfiyyatı bir parça quyuqla həll döyüm və bir qədər xurcundan saqqız çıxarıb atdı həvəngin içinə. Əşya dürüst əziləndən sonra Kərbəlayı Məhəmməd onu bir parça bez üstə yaxıb yapışdırdı qocanın başına və tapşırdı ki, gözləri açılınca zamata əl vurmasınlar. Qabaqca bizə çay verdilər. Üstündən qara qoyunun kababından doyunca yeyib bir şaqqa ət də yol azuqəsi götürüb atlara dəydik. Yol uzunu Kərbəlayi Məhəmmədin həkimliyindən və mənim qoçaqlığımdan danışıb gülürdük. * * * Bu fəqərədən İki ay yarım keçdi. Kürdlərlə alış-verişimizi qurtarıb qayıdırdıq. Yolumuz yenə haman yerdən düşdü. Yaxınlaşanda evin kənarında bir sürü qoyun və qoyunların yanında bir qoca kişi əli ağaclı durmuş gördük. Bu qoca bir müalicə etdiyimizə bənzəyirdi. Amma gözləri açıq idi. Qocanın gözlərinin açılmağına çox təəccüb etdik. Kərbəlayı Məhəmməd atını irəli sürüb dedi: – Əmi, salaməleyküm! Şükür olsun Allaha, gözlərin açılıbdır. Kişi başını qalxızdı: – Oğul, kimsən? – Mən sənin gözlərinə müalicə eləyən həkiməm. Elə bil dünyanı qocaya verdilər: – Atam sənə qurban, ay həkim, anam sənə qurban, ay həkim! Nə yaxşı mənim əlimə düşdün. Mən gecə-gündüz arzu edirdim ki, yolun bir də buraya düşə idi, xəcalətindən çıxa idim. Buyurun gedək evə! Kərbəlayı Məhəmməd istədi getməsin. Qoca əl çəkməyib bizi apardı evinə və layiqincə qonaq elədi. Bir kök qoyun bağışladı və o gecə də evində qonaq saxladı. Axşam camaat başımıza cəm oldu. Hər kəs bir növ ilə Kərbəlayı Məhəmmədin həkimliyini tərif eləyirdi. Kərbəlayı də özünü çəkib əyləşib, Iranda padşahın anasının gözlərinə müalicə etdiyindən danışırdı. Mən də onun danışıqlarını təsdiq edirdim. Çox söhbətdən sonra qocanın oğlu dedi: – Həkim, Allah sənin atana rəhmət eləsin, səni bu camaata çox görməsin! Sən ki, mənim atamın gözlərini sağaltdın. Amma bircə dərdimiz var. Atamın başına yapışdırdığın zamat qopmur. Necə eləyək? Kişinin papağını götürəndə gördük saqqız layiqincə suvanıb başına və tükləri bezi deşib bir-bir çölə çıxıblar. Kərbəlayı isti su istəyib zamatı islatdı. Saqqız isti suda əriyib daha möhkəm yapışdı. Gördük ki, heç əlac yoxdur. Bez kişinin başından qopmayacaq. Kərbəlayı dedi: – Bu dərmanın başında qalmağının əziyyəti yoxdur. Bir müddət qalar, sonra özü qopub düşəcək. Hamıdan “Allah atanıza rəhmət eləsin” eşidib atlarımızı minib yola düşdük. * * * Şeyx Şəban – Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr! – Heyf, sədd heyf. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilik edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı. Deyəsən yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban “la hövlə və la qüvvətə” deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Şeyx Şəban gödək boylu, uzun saqqallı bir kişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi. Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi Iranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki, müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən, həmçinin, Şeyx Şəban özünə korluq verməzdi. Ilin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abiguşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi. Şeyx Şəban belə Şeyx Şəban idi. Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi; çünki yaxşı ruf tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı; boğaz basardı, nəinki şəhərdən, hətta ətraf kəndlərdən də boğazlarında çöp qalan uşaqları birbaş Gülsüm xalanın yanına gətirərdilər. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi; sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı. Bir dəfə Şeyx Şəbanın çəpərinin yanından ötürdüm, gördüm həyətdə bir nəfər kişini uzadıb yerə, boğazına bir ip bağlayıb, ipin bir ucunu da ağaca bağlayıbdır. Uzananın yanında neçə nəfər şəxs və Gülsüm xala da, üzü örtülü, durubdur. Bir də gördüm kişilərdən İkisi uzananın ayaqlarından yapışıb gücləri gəldikcə dartırlar; bunun boynu belə şaqqıldadı, guya bir böyük ağac şaxı sındı. O saat ipi boğazından açdılar. Durdu ayağa, əlini cibinə salıb, sonra cibindən çıxardıb Gülsüm xalaya tərəf uzatdı. Bildim ki, pul verdi. Kişilər həyətdən çıxanda birinə yaxınlaşıb dedim: – Bu nə keyfiyyətdir? Dedi: – Bu şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı. Gülsüm xala da belə Gülsüm xala idi. Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu İki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb, samavar hazır edərdi. Samavar qaynayan tək otağın ortasına çəhrayı rəng, hər İki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı. – A kişi, daha durginən, azanın vaxtı keçir. – Bu saat durram, çay hazırdırmı? – Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram? Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub dəstəmaz alıb, İki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecə yarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvə tək olardı. Özü də cavan oğlana bənzərdi. Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib axırda peşəsini unudub bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa: toylarda, hamıdan yaxşı oynayan kim idi? – Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? – Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan iyid sayılan kim idi? – Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? – Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm: – “Bəs Xoca Sərkizin ki, evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..” Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi; bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə “Heydər!” – deyib başımı silkələyəndə birçəklərim ki, üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi. Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu. – Salaməleyk! – Əleykəssalam! Mələk nənə, əyləş görək. Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi: – Qadan alım, məni neyləyirdin? – Dincini al, danışarıq, deyəsən uzaqdan gəlirsən ki, belə yorulmusan? – Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola? – Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni həqiqət xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən. – Gedərəm, ayağın altında ölüm, bəlkə vermədi? – Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram? Şəban burada dayanıb bir qədər fikir edib dedi: – Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur... Xərclik də istəyirsənmi? Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi: – Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz. – İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get. Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb əziyyətlə qalxıb yola düşdü. * * * Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim, güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş Ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasbanlığı edən xoruzlar birbirlərinə oyaq olduqlarını xəbər verirdilər. Bu gecə İki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də qarelər anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtixabına guya od dolmuşdu. Ilan vurmuş tək qıvrılıraçılırdı və vədə olunmuş fitə müntəzir idi. Qarelər soruşarlar ki: – Axır Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüt etmişdi? Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan, oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi: – Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim! Şəban qızarıb başını aşağı dİkib, bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü; amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi; amma o gündən ki, Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: – “Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm”. Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündəngünə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl bilib ona əlindən gələn müalicəni edirdi. Şəban, ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib, ticarətə yapışacaq. Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər İkisi dərin yuxuya qərqdirlər. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən İki qətrə yaş anasının sinəsinə düşdüsə də, oynamadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şüküftələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər. Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdilər. Məşədi Məmmədvəli, əlində bir yekə ağac, qapıda durub deyirdi: “Gərək bu saat məni binamus edən qızı parçalayam”. İki nəfər şəxs onu güclə saxlayırdılar. Gülsüm bir küncdə üzü örtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi: – Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək atan aparsın evinə! Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi: – Həqiqət belədir. Zorla qız aparmağın zakona görə böyük cəzası var. Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi: – Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur. Gülsüm bu sözü eşidən tək səsini çıxardıb dedi: – Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm. Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən sivay bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib, Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki, özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib bir dükan açıb, başmaq dərisi alış-verişinə başladı və bir-İki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi: – Sabah, axşam azanına İki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm. – Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm. Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazı tək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: əlbəttə, beş gün tez, beş gün gec iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür qazı tək şəxsi özümdən rəncidəxatir edim? Qazı məşədi ilə xudahafiz edib dedi: – Məşədi, lumu (limon), mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun. – Gözüm üstə, canım üstündə, istəyirsən xanəndə də gətirim. Qazı bu sözə gülüb dedi: – Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz! – Müşərrəf, göz üstə gəldin. Cümə axşamı, müəyyən vaxtda Məşədi Məmmədvəli samavarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samavarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi. Bu əsnada qazı, İki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi: – Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs görürsən gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun evinə girəndə, onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu çox qəbih əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar; bundan əlavə gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən; məsəldir: “Insan, övladının ətini yesə də sümüklərini çölə atmaz”. Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb bir-bir Məşədi Məmmədvəliyə əl verib, Allah sizin qohumluğunuzu başadək eləsin, deyib getdilər. O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban, kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir padnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi. Bu gündən qohumlar bila-məmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə iyid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb, birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib, qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: gərək bu saat naziri görüm, vacib ərzim var. Elə bil nazirin başından bir qab qaynar su tökdülər. – Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər. Məgər polis qulluqçusu da insan tək dincələ bilməz? Hər kimdir, çağır gəlsin içəri! Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzun boylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu: – Nə var, nə istəyirsən? – Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız. Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı: – De görüm, nə var? – İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız? – Bu nə sözdür? Məgər Arakelin dükanının yaran sənə məlumdur? – Bəli, məlumdur; təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. Istəyirsiniz siz qayıdınca mən buradan getməyim; əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz. Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub çiyninə bir yapıncı salıb qapıya çıxdı. – Darvaza döyən, kimsən? – Pristavdır, gəl aç qapını! Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı: – Get yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər! Şəbanın evini alt-üst etdilər. Həqiqət Arakelin dükanından getmiş şeylərdən İki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı. Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı. Sabah Şəbanın tutulmaq xəbəri cəmi şəhərə yayıldı. “Yıxılan ağaca balta çalan çox olar”. Şikayət şikayət dalınca divanın üstünə töküldü. Şəbanın var-yoxunu, evinin müxəlləfatının hamasını satıb xərc etdilər, heç bir əlac olmadı. Üç il həbsxanada saxlayandan sonra işə baxıb qət etdilər ki, on İki il getsin Sibirə. Və qətnamədən sonra yenə sair məhkəmələrə də şikayət olundu isə də, heç bir nəticə bağışlamadı. Axır Şəbanın getmək günü müəyyən oldu. Şəban gedən günü Məşədi Məmmədvəli, arvadı Gülsüm, neçə dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Şəbanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Şəbanın üç yaşında bir balaca oğlu da Gülsümün qucağında idi. Sabahdan camaat günortayadək dustaqxananın qabağında müntəzir oldu. Axır dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Hamı bir adam tək yerlərindən qalxıb gözlərini qapıya dikdilər. Qapı açıldı; qabaqca üç nəfər əlitüfəngli soldat çıxdı. Onların dalınca altı nəfər dustaq, kimisi zəncirsiz, soldatlarla əhatə olunmuş çıxdılar. Dustaqların biri Şəban idi. Cavanlıqda şəhərin qızlarının ürəyini cəlb edən Şəbanı İndi tanımaq olmurdu. Rəngi saralmış, başının tükləri ağarmış Şəban altmış yaşında nəzərə gəlirdi. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu, yoldaşların gözünün qabağında döyülmək Şəbana o payədə təsir etdi ki, özünü saxlaya bilməyib neçə qətrə yaş gözündən axıtdı. Əlacı kəsilib gendən dost-aşnaya vida edib yola düşdü. Dustaqlar gözdən qeyb olanacan, camaat dallarınca baxırdı. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Axırda qoltuğuna girib bir tövr evə gətirdilər. Şəban dustaq olan gündən Gülsüm gedib atasının evində olurdu. Gülsümün yükü və dərdi-qəmi gün-gündən artmaqda idi. Şəban gedəndən İki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Qışda Gülsümün anası vəfat etdi. Bu gündən Gülsüm başladı əli ilə işləyib həm özünü, həm də qoca atasını saxlamağa. On İki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəmqüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib, atasından xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər. Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara, hacılara, sövdəgərlərə yalvarıb bir neçə günün müddətində haman kağızı düzəltdi. Bir il də bundan sonra Şəbandan kağız gəldi. Qurtarıb yola düşdü. Biçarə Gülsüm nə növ ərinin yolunu gözləyirdi, onu qələm yazmaqdan acizdir. On üç il istəkli ərindən ayrı düşmüş xanımlar onun halını nəzərə gətirə bilər. Amma əfsus!.. Sədd əfsus! Bu macəranı çox xanımlar oxumaqdan məhrum qalacaqlar. Cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, məşğuliyyəti olan balasını itirmiş Gülsüm, gecələr sübhədək vaqiədə ərinin səsini eşidib hövlnak ayılıb sübhədək ağlayırdı. Axır bir gün məlum oldu ki, bu axşam Şəban şəhərə varid olacaq. Haman bir gün, Gülsüm üçün keçmiş on ildən uzun görünürdü. Sübh Məşədi Məmmədvəli ağacını götürüb getdi bazara. Bir az düyüdən, yağdan, ətdən alıb gətirib verdi Gülsümə ki, axşama plov bişirsin. Axşam azanına plov hazır idi. Yatağa təmiz fərş salıb Şəbanı gözləyirdilər. Gülsüm də bir dəst çit libas geyib ərinin gəlməyinə müntəzir idi. Gah pəncərədən baxırdı, gah tez-tez darvazaya gedib qayıdırdı. Bir də gördü qonşusunun oğlu qaranəfəs gəlir: – Gülsüm xala, muştuluğumu ver! Şəban əmi gəldi! Gülsüm, olan yarım manat pulunu çıxarıb uşağa verib getdi darvazaya. Gülsüm belə güman edirdi ki, Şəban bu on üç ilin müddətində əsla dəyişməyib. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şəban daxil oldu; bilmərrə qocalmış; baş, saqqal qar tək ağarmışdı. Gülsümün və Məşədi Məmmədvəlinin şadlıqlarının intəhası yox idi. Şəban gəlib əyləşən tək qonşularından bir neçə adam göz aydınlığı verib, bir az da söhbət edib getdilər. Xalq çəkiləndən sonra plovu ortalığa qoyub Məşədi Məmmədvəli, Şəban və Gülsüm bir qabda yeyib “əlhəmdülillah” – deyib çəkildilər. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Məşədi Məmmədvəli dedi: – Bala, Şəban, mənim sinnim yetmişdən addayıb. Gözlərim çoxdan xarab olub. Iş görə bilmirəm. Məni sən bu halda qoyub hara gedirsən? Mən bilirəm, sənin əlində mayan yoxdur. Yaxşı olar ki, hamımız bir evə yığılaq. Bu evi də sataq, əlində maya qayır, dolandır. Belə də elədilər. Şəban köçdü öz evinə və bir neçə gündən sonra Məşədi Məmmədvəlinin evini səkkiz yüz manata satdılar. Şəban yenə bir dükan açıb başladı gön alış-verişinə. Amma bu dəfə Şəbanın işi tərəqqi edə bilmirdi. Əvvələn, qocalmışdı, əlavə, ticarətdən on altı ilin müddətində yadırğamışdı və yeməyi, geyməyi, qonaqlığı çox dost tutduğundan, gündə İki manat qazananda üç manat xərc edirdi. Bu da ticarət qaydası deyildir: “Mərd bebayəd girist, Ki hicdəh mədaxil bəvəd, xərc bist”. İki, üç il sonra maya əldən çıxdı. Məşədi Məmmədvəli də davam etməyib naxoşlayıb vəfat etdi. Şəbanın mayası əldən getdi. Əgər arvadı O kişi gərək ağlasın ki, on səkkiz mədaxili ola, amma iyirmi xərci. olmasa idi, başına yəqin hava gələrdi. Arvad işləməklə, fala baxmaqla, çöpçülüklə qazanırdı. Şəban da həmişəki qaydada yeyib, içib, təravət ilə dolanırdı. Sübh yerindən qalxan tək Şəban gedərdi məscidə, oturardı qazının hücrəsində, günortayadək qazı ilə və qazının yanına gələnlər ilə söhbət edərdi. Günorta gələrdi evə, naharını yeyib gedərdi məscidə. Günü axşamadək məsciddə keçərdi. O səbəbdən də adını “Şeyx Şəban” qoymuşdular. Bu növ axırda əmələyi-mövta cərgəsinə daxil olub, qazının qulluğuna hər bir yerə gedərdi. Toylar, ehsanlar Şeyx Şəbanı mollalardan ayırmayıb dəvət edərdilər. Axırda da bikarçılıqdan təngə gəlib başladı məscidin qabağında pinəçilik etməyə. Bir sübh şəhər əhli Şeyx Şəbanın azanını eşitmədi. Hamı təəccüb etdi. Dedilər “yəqin ona bir hadisə üz verib”. O günü Şeyx Şəban heç məscid qabağında görünmədi. Üç gündən sonra eşitdilər ki, Gülsüm xala Allahın rəhmətinə gedib. Şeyx Şəban tək qaldı. Bazarda müqəvva tək gəzirdi. İşləyə bilmirdi. Həmişə təravətli saxlanmış saqqal yavaş-yavaş başladı ağarmağa. Axırda həna bilmərrə gedib, saqqal təmiz ağardı. Hətta səsi də dəyişilib dəxi keçmiş məlahətini itirmişdi. Axırda ayaqları da zəifləşib minarəyə çıxa bilmədiyindən azan verməyi də tərk etdi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmayırdı. Evə gəlib qapıda asılmış qıfılı görəndə əvvəl özündən sual edirdi ki, bu qapını kim bağlayıb? Sonra yadına düşürdü ki, qapını özü bağlayıb. Açar da cibindədir. Qapını açıb daxil olurdu boş otağa. Özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı. Gülsüm xalanın vəfatından il yarım keçmişdi. Bir gün Şeyx Şəban qəbiristandan qayıdarkən bir şiddətli yağışa düşüb sümüklərinədək islandı. Evə gəlib başında, bədənində və gözlərini çanağında bərk ağrı hiss etdisə də, etina etməyib yatdı. Sübh hərçi çalışdı, başını yasdıqdan qovzaya bilmədi. Naxoşluq getdikcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Şeyx Şəbanın bu halətindən heç kəs ona mütəvəcceh olmurdu. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü. Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir olmadı. Axırda hövlnak qalxıb özünü qapıya tərəf atıb tufan qoparmış ağac tək yıxıldı yerə! Sübh qonşular Şeyx Şəbanın meyitini tapdılar. * * * Həmşəri pasportu Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün. Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir: – Oğlan, saqqala niyə salam vermirsən? Tez geri dönüb, gördüm mənim Dəccalabad rəfiqlərimdəndir. Bir rezin bürünük bürünüb, bürünüyün torbasını da başına geyib. Soyuqdan yanaqları qızarıb. Burnundan su axır. – Bah, salaməleyküm! – Ay əleykəssalam! – A kişi, sən nə əcəb gəlib buraya çıxmısan, xeyirdinmi? – Lənət şərə, xeyir olmamış nə var! Özün bilirsən ki, ilin bu vaxtında işsiz adam gəlib buraya çıxmaz. – Bəs sən nə iş görürsən? – Iş də görmürəm, işsiz də deyiləm; qəza məni dolaşdırıb salıb buraya, bir neçə gündən sonra qaçacağam gözəlcə Dəccalabada. – Necə qəza dolaşdırıb? – İş uzundur, gəl mənzilə söhbət edək! – Harada düşmüsən? – “Qryaznaya nomera”da. Sətəlcəm – Axşam saat səkkizdə mənzildə ol, gələrəm. – Gözlüyürəm. – Xudahafiz! – Xudanasir! Axşam saat səkkizdə, gecə paltomun boynunu yuxarı qovzayıb, papağımı gözlərimin üstünə basıb birbaş “Qryaznaya nomera”ya rəvan oldum. Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab vermədən qabaq İkiqat baş əyib, İki barmağı ilə boynunun ardını qaşıdı. Boyun ardı qaşımaq Rusiyada bir zəbani-haldır. Bunun mənası budur ki, “buraya gəlib-gedəndə kasıbkusubu unutma!” Çıxdım yuxarı. Dörd otaq keçib yeddinci otağın qapısını döydüm. Dostum fövrən qapını açıb dedi: – Buyur, a kişi! Sən xalis nemsə imişsən. Dedim: – Necə nemsə? Dedi: – Nemsələr bir camaatdırlar ki, öz işlərində həmişə dəqiq olarlar və verdikləri sözə də, öz vaxtından bir dəqiqə keçməyib əməl edərlər. Biz dəccəlabadlılar, bir aya pul borc alıb bir il bir aydan sonra veririk. Müsəlman qardaşa saat səkkizə müntəzir olarsan, üç gün sonra gələr. Amma sən saat səkkizin dəqiqəsini ötürməmisən. Dedim: – Səhv etmə, mən də sən deyən müsəlman qardaşdanam, amma yerin xasiyyəti məni dəyişdirib. Bir az gülüşdük, sonra rəfiqim məni samavara tərəf çəkib dedi: – Soyuxdan gəlmisən, hələ gəl bir az çay içək, qarnın qızışsın. Əyləşdik stolun yanında, buxarı asimana bülənd olan samavarın qulluğunda. Rusiyanı görməyənlərə bunu ərz etməliyəm ki, Rusiya nömrələrində həşəratül-ərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə “qara fatma” deyirlər. Bu bir heyvandır; boyu gödək, amma Ali-Qacar bığlarına bənzər uzun bığları olur. Bunlardan əlavə, rütubət qoxusu nömrələrin zinətidir. Bununla bahəm, Rusiya nömrələrinin samavarına söz ola bilməz. Bir qətrə suyu qalınca qaynardan düşmürlər. Bəli, adama bir stəkan çay içəndən sonra rəfiqim İkinci stəkanı töküb dedi: – Qardaş, mən başıma gələn əhvalatlardan nəğl edim, dürüst qulaq ver. Amma bu söhbəti bir yerdə açıb danışmayasan. Dedim: – Filani, bu nə sözdür? Məgər məni tanımırsan? Allaha şükür ki, otuz ildən artıqdır bizim rəfaqətimiz var. Məgər bizim aramızda olan keyfiyyəti bir yerdə mən danışmışam? Dedi: – Xeyr, genə tövsiyə edirəm. Mən söz verdim ki, bir kəsə deməyim və sözümün üstünə İndi də möhkəm durmuşam. Rəfiqimdən eşitdiyimi qiyamətədək bir zinəfsə demərəm, yazmağa baxmayın. Yazmaq başqa, danışmaq başqa. Yoldaşım dedi: – Di, İndi qulaq as! Mən çaydan İki qurtum alıb dedim: – Buyur! Yoldaşım başladı: – Mənim, özün bilirsən, Dəccalabadda İki oğlum var, İki qızım. Bir gün zənnlə baxıb gördüm oğlanlarım da böyüyüblər, qızlarım da. Gərək oğlanları evləndirəm, qızları da ərə verəm. Amma cibimdə təzə ay çıxanda üzünə baxmağa bir gümüş pul yox. Uşaqların fikri məni aldı. Neçə gün divanə kimi gəzdim. Bir gün dolana-dolana gedib çıxdım haman sən gördüyün “Insafiyyə” mehmanxanasına. Yadındadırmı, bir dəfə oturub, söhbət etdiyimiz yerdə, kürsü altında dağıldı. Yıxıldın, böyrün əzildi, neçə gün ondan axsadın? – Çox yaxşı yadımdadır, hələ burası da yadımdadır ki, kürsünün pulunu da məndən aldılar. – Bəli, getdim “Insafiyyə” mehmanxanasına. Oturub mehmanxana sahibi ilə söhbət edirdik. Bu halda beş-altı nəfər iranlı daxil oldular, nömrə istədilər. Bunların altısına bir nömrə verib, hamısından başburt istədilər. Müsafirlər başburtlarını bir-bir çıxartdılar, verdilər. Bir nəfəri də başburtu kontorçuya uzadıb dedi: “Sən Allah, yaxşı yerə qoy itməsin, özgənİndir”. Iranlılar getdilər mənzillərinə. Mən kantorçudan xəbər aldım ki, məgər özgə başburtu ilə də gəzmək olar? Dedi: “Iranda olar. Bu kişinin işi yəqin təcilə düşüb, yoldaşının başburtunu götürüb, gəlib. Yoldaşı da bir yerə getmək istəsə gedib bir neçə manat verib, bir ayrı başburt alıb, onunla hara lazımdır, yola düşəcək. Nə dəftərə baxmaq var, nə haralı olduğunun təhqiqi var; pul ki verdin, yazıb verirlər”. Soruşdum: – Bəlkə mən getdim başburt istədim, verərlər? Dedi: – Dur gedək sənə bir gündə həştad həmşəri başburtu alım. Bir az da söhbət etdik. Durdum, evə tərəf yola düşdüm. Kontorçunun söhbəti məni tutdu. Gəldim evə. Nə qayda ilə çay içə bildim, nə şam yeyə bildim. Gecə də sübhədək gözümə yuxu getmədi. Yorğanın altında o tərəfimdən bu tərəfimə dönüb, fikir edirdim ki, kontorçunun köməyi ilə əlimə beş-on dənə həmşəri başburtu sala bilsəm, işim işdir. Sübh tezdən durub, bir stəkan çay içib, birbaş getdim “İnsafiyyə” mehmanxanasına. Gördüm kontorçu öz yerində əyləşib, çotka çəkir. – Salaməleyküm! – Əleykəssalam! Dedim: – Əzizim, gəlmişəm, zəhmət çək mənim üçün bir neçə ədəd başburt düzəlt. Dedi: – Baş üstə, axşam buraya zəhmət çəkərsən, cavab verərəm. Axşam genə getdim mehmanxanaya. Kontorçu cavab verdi ki, lazım olan adamlarla danışıb; hər başburta on manat pul istəyirlər. Mən tez yüz manat çıxarıb verdim. Təvəqqe etdim ki, mənim üçün on ədəd başburt alsın. İki gündən sonra, hər biri bir adamın adına yazılmış on dənə başburt qoltuq cibimdə hazır idi. Evə gəlib, oğlanlarıma xəbər etdim ki, mənim bir-İki aylıq Rusiyaya səfərim var və tapşırdım ki, evdən, eşikdən muğayat olsunlar. Xülasə, evi böyük oğluma tapşırıb mİndim paraxoda. Birbaş getdim Hacıtərxana, düşdüm mehmanxanaya. Sübh getdim keşişin qulluğuna. Söylədim ki, mən İran əhliyəm, gəlmişəm qulluğunuza ki, mən pravoslavni məzhəbinə döndərəsiniz. Keşiş çox məmnuniyyətlə mənim əlimi sıxıb, alnımdan öpdü və mənim dönməyim üçün gün təyin etdi. Müəyyən gün kilsəyə gedib, gördüm qapıyadək adam cəm olub. Məndən başburt istədilər. O saat təqdim etdim. – Mamağanlı Dursunəli Ballıbadı oğlu. Böyük bir cəlalla məni döndərib pravoslavni elədilər. Hər tərəfdən camaat başıma pul yağdırdı. Evə gəlib gördüm iki yüz manatdan artıq pul cəm olub. Sabahı günü Hacıtərxandan yola düşdüm Sarısinə tərəf. Orada da ikinci başburtu keşişə təqdim etdim? – Mərəndli Səbzəli Sultanəli oğlu. Orada da, həmçinin, çox pul yığdım. Sarısindən Xarkova, oradan Kiyevə (Kiyevdə hər yerdən çox pul yığıldı). Beləliklə, şəhərləri gəzib, gəldim çıxdım buraya. İndi cibimdə iki dənə başburt qalıb. İkicə dəfə də dönsəm, işim düzələr. Gecə yarı idi, durub “xudahafiz” edib çıxdım. Güclü yağış yağırdı. Bir fayton tutub gəldim evə. Rəfiqimlə neçə gün görüşə bilmədim. Sonra getdim, eşitdim ki, çıxıb gedib Qafqaza. Neçə il ondan sonra onun harada olduğunu bilmədim. Bir dəfə Tiflisdə ikən küçədə qabağıma çıxdı. – Salaməleyküm, rəfiq, işlər necədir? – Necə olacaq. Oğlanlarımı da evləndirmişəm, qızlarımı da ərə vermişəm. Özüm də papağımı əyri qoyub padşah kimi gəzirəm! – dedi. * * * Röya Saat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi. Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi. Gözlərim bu mənzərəyə məşğul ikən qulağıma “sələməleyküm” səsi gəlidi. “Əleykəssəlam” deyib başımı qovzadım; gördüm bir nəfər sinni altmışdan ötmüş şəxs, beli bükülmüş, gözləri çuxurda, ağ uzun saqqalı, əynində bir uzun palto, başında çərkəzi börk durub. Mən bu şəxsə baxanda dedi: – Dünən mən sizi bazarda bir acarlı müsəlmanı ilə bir yerdə gördüm, zatialiləriniz müsəlmandırmı? – Eşitmədinizmi məgər, salamınızın cavabını verdim; əlhəmdülillah, müsəlmanam, əyləşiniz, əfəndim. – Rica edirəm, əfəndim, bəndəni əfv ediniz. Mənim sualım qəbih sual oldu, nəhayət, libasınızdan şəkkə düşdüm. – Eybi yoxdur, əfəndim, əyləşiniz. Şəxs əyləşdi. Bir qədər sükutdan sonra cibindən tənbəki və kağız çıxarıb, qabaqca mənə təklif etdi: – Buyurunuz, əfəndim, siqara çəkiniz. – Təşəkkür edirəm, əfəndim, bəndə papiros çəkmirəm. Şəxs özü bir papiros büküb, yandırıb bir-İki dəfə çəkdi, sonra yenə üzünü mənə tərəf tutub soruşdu: – Siz haralısınız, əfəndim, isminiz nədir? Mən cavab verdim. Şəxs bir-İki dəfə mənim adımı təkrar edib dedi: – Bən də acarlıyam, ismim Süleyman əfəndidir; qaç gündür ki, buraya varid olmuşam. Sizin yerlərin əhalisi nə ilə güzəran keçirirlər? – Ticarətlə, ziraətlə, dəhat əhli əksərən ziraətlə məşğuldurlar, bəndə özüm də əkinçiyəm. – Nə qədər yeriniz var? Yerin neçə desyatin olduğun dedim. – Sizlər desyatin nəyə deyirsiniz, əfəndim? – Səkkiz pud buğda səpilən yerə desyatin deyirik. – Bu hesabdan mənim qırx desyatindən ziyadə yerim var idi. Süleyman əfəndi bir dərin ah çəkdi: – Şəhərdə imarətim var idi, aşağı mərtəbəsi dükanlar, üstü mənzillər. İndi, əfəndim, evim, dükanlarım dağılıb yerim bilmirəm necə olub, ailəm var idi, İki qoçaq oğlanlarım var idi; biri iyirmi beş, biri otuz yaşında: övrətim, balaca qızım bilmirəm haradadırlar, oğlanlarımın İkisini də zalımlar, birəhmlər gözümün qabağında... Bu yerdə Süleyman əfəndinin nitqi tutulub, sifətinin qırışlarının hər yeri bir arxa dönüb, gözlərinin yaşı silab tək sifəti və saqqalı uzunu axdı. – Mən bir şəxs sayılırdım, əfəndim! Gözəl yurdum var idi, dövlətim var idi. Atlarımın, mallarımın, qoyunlarımın hesabı yox idi. Hamısı əlimdən getdi... hamısı!.. Nə etmədi, məsləhət tanrınındır. Malı mən qazanmışdım, yenə qazanaram, özüm qocalmışam, oğlanlarım qazanardı, kaş balalarım əlimdə qalaydılar... Ax, gözəl oğlanlarım, məni divanə edib avara salan balalarım!.. Süleyman əfəndinin gözündən dübarə yaş cari olmağa başladı. Mən ona təskin vermək üçün dedim: – Əfəndim, məsləhət bizi yaradanındır, səbr edin, bir papiros da çəkiniz, xəyalınız dağılsın. Süleyman əfəndi qoltuğundan dəsmal çıxarıb gözlərini sildi. Birdən hövlnak yerindən qalxıb, əyilmiş bədəninin düzəldib, bir halətlə mənim sifətimə baxdı ki, həqiqət bədənimə lərzə düşdü: tamamən qeyz tutub, gözləri böyüyüb, yanaqları qızarıb, əlləri uçundu... Bir dəqiqə bu növ mənim üzümə baxandan sonra acıqlanmış qışqırdı: – Kimdir deyən ki, mənim oğlanlarımı öldürüblər? Mənim igid oğullarımı kim öldürə bilər? Onların hər birisi yüz adama cavab verməyə qadirdir! Kim mənim oğlanlarımın vücudu ilə mənim ailəmə əl uzada bilər? Heç kəs!.. Heç kəs!.. Salamatdırlar! Ancaq məni arayırlar, mən də onları arayıram. Tapacağam balalarımı! Övrətimi tapacağam, yenə öz mülkümüzə qayıdacağıq, yenə mən həmin Süleyman əfəndi olacağam ki, var idim! Hamısı salamatdırlar! Qulaq ver, əfəndim, gör mənim qoyunlarımın nə gözəl mələşməsi gəlir! Eşidirsinizmi? Qulaq verin, əfəndim! Can! Səslərinizə qurban olum, gözəl qoyunlarım, səbr ediniz, sahibiniz tez gələr. Bu yerdə Süleyman əfəndinin haləti təğyir tapıb bədəni zəifləşib yenə əyləşdi. Mən dedim: – Süleyman əfəndi, rahat olun, papiros çəkin. Süleyman əfəndi bir papiros çəkdi, sonra yenə üzünü mənə tərəf tutub söylədi: – Yox, əfəndim, yox! Hamısı qırıldı, hamısı dağıldı, öz gözümlə gördüm. Mən dedim: – Əfəndim, naxoşsunuz, mənziliniz haradadır? Buyurun sizi aparım. Dedi: – Dərbənd nömrələrində. Süleyman əfəndinin qolundan tutub durğuzdum. Bir-iki qədəm gedəndən sonra yenə dayandı. – Əfəndim, bağın ayağından üzü o yana gedən oğlanı görürsünüzmü? Bax, o mənim böyük oğlumdur, ölməyib, məni arayır. Bala, getmə, gəldim! Dayan, bala, dayan! Bu sözlə Süleyman əfəndi bağın ayağına tərəf yüyürmək istədi. Nə qədər səy etdim, saxlamaq mümkün olmadı, əlimdən çıxdı, amma üçbeş qədəmdən sonra yıxılıb bihuş oldu. Bağda gəzən camaat cəm oldu bizim ətrafımıza. İki nəfər şəxsin köməyi ilə Süleyman əfəndini götürüb bir skamyanın üstünə qoyduq. Bir az vaxtdan sonra gözlərini açdı, başladı camaata məhbut baxmağa. Bir xanım gedib su satandan bir şüşə limonad alıb gətirdi. Süleyman əfəndi sudan içib, bir az halətə gəlib dedi: – Əfəndim, məni mehmanxanaya göndərin. Bu halda mənim acarlı dostum da bir tərəfdən çıxdı, bir fayton çağırıb, Süleyman əfəndini acarlı dostumla bir yerdə mİndirib yola saldım. Süleyman əfəndi getdi. Mən yenə qayıdıb öz yerimdə əyləşdim. Evindən, külfətindən, oğlanlarından, mal və əmlakından əli çıxıb, Məcnun tək divanə olub, Yəqub tək “bala vay” naləsi ilə avara qalmış qoca bir kişinin xəyalı mənim bütün vücudumu işğal etdi. Axşamdan xeyli keçincə şəhərin bağlarını, küçələrini laənşüur dolandım. Hərçi səy edirdim, Süleyman əfəndinin axırkı haləti gözümün qabağından getməyirdi. Saat doqquzdan adlamışdı. Getdim “Dərbənd” nömrələrinə, gördüm qoca yatıb və dostum da əyləşib onun yastığının yanında. Gecə yarısı xudahafiz edib gəldim mənzilimə və soyunub rəxtxabə girib, yorğanı çəkdim başıma. Neçə saat yata bilmədim. Axır huşa gedib özümü bir kiçik şəhərdə gördüm. Gözəl imarətlər, rast küçələr, bazarlar, hər evin ətrafında xırda bağçalar və bağçalarda çarhovuzlar. Gördüm Süleyman əfəndi atlı gəlib bir evin qabağında atdan düşdü və evi dəqqilbab etdi. O saat qapı açılıb, bir tənumənd oğlan içəridən çıxdı. Atasını görüb təzim etdi və atı onun əlindən alıb çəkdi həyətə. Süleyman əfəndi daxil oldu evə. Baxdım ki, mən də evin içindəyəm, amma heç kəs məni görməyir. Süleyman əfəndi bir döşəkcə üstündə əyləşib sağ tərəfində övrəti və qızı, sol tərəfində İki nəfər gözəl oğlanlar. Xanım çay töküb əyləşənlərə verir. Süleyman əfəndi keçmiş günlərindən söyləyir. Birdən evin divarları titrəşdi, hamı hövlnak yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gördüm göydən od yağır, yerdən alov çıxır, evlər birbəbir uçurlar, toz duman kimi dünyanı bürüyüb, bu yerdən patıltı səsi gəlir; övrətlərin, uşaqların qışqırtısı, heyvanatın nərəsi, uçan imarətlərin gurultusu hamısı bir-birinə qarışıb. Bir azdan sonra gördüyüm gözəl şəhər bir xarabazara döndü. Itlər, canavarlar, gördüm, insanların nəşlərini sökürlər, qara libas geyinmiş şəxslər xarabaları birbəbir axtarıb əllərinə keçən əşyadan yüklənib gedirlər, dübarə yenə gəlib xarabaları axtarırlar, amma nə isə məni heç kəs görmür. Mənzərə dəyişilib, özümü bir böyük səhrada gördüm, səhra bir tərəfdən uca dağlara təkyə edirdi, ətrafı qar basmışdı. Soyuq külək hər tərəfdən gurultu ilə əsib səhranın qarını dərya tək mövcləndirirdi. Birdən göydən yağan qarla yerdən toz kimi qalxan qar hamısı bir-birinə qarışıb dünyanı qaranlıq edirdilər. Külək sakitləşib, qar seyrəklənəndə yenə dağın sinəsi görünürdü. Bir də gördüm bir nəfər övrət bir qızın qolundan tutub dağın ətəyi ilə gedir. Övrətin yaylığı və qıçlarına dolanmış tumanı küləyə tabe olub özündən qabaq yellənirlər. Balaca qız hərdən deyir: – Ana can, soyuqdan öldüm, bəs bibim evinə nə vaxt çatacağıq? – Səbr elə, bala! Dağı adlasaq, bibin evi görünəcək. Tez yeri, bala! – Ayaqlarım yorulub, ana can! Qardaşım canına, yeriyə bilmirəm. Vallah, deyəsən öləcəyəm, bir yer yoxmu, ana can, orada dincimizi alaq? – Gedək, bala, bəlkə yer tapdıq. Külək gəldikcə şiddətlənib, gah bəm, gah zil səsi ilə guvuldayırdı. Qoca övrət gücü gəldikcə yüyürürdü və qızı da özü ilə çəkirdi. Balaca qız əllərini qoynuna dürtüb, sızıldaya-sızıldaya anasının yanınca sürünürdü. Küləyin guvultusuna dürüst qulaq verib gördüm külək səsi deyil, insan naləsidir! Küləyin bəm guvultusu kişilər nərəsidir ki, səs-səsə verib qışqırırlar: – Oğul vay!..Bala vay..Oğul... Oğul! Övrətlər səs-səsə verib qışqıranda, küləyin səsi hərdən zilə dönür. İkinci məni təəccübə gətirən halət bu idi ki, göyün üzünü qara bulud tutmuşdu. Amma buludlar arasından ulduzlar parıldaşırdı və qışın soyuğunda qətrə-qətrə yağış tökülürdü. Göyün üzünə dürüst baxıb gördüm başımın üstündə bulud hesab etdiyim övrət başlarıdır ki, pırtlaşmış sacları bir-birinə dolaşıb, qara bulud tək havada dolanırlar və işıldayan ulduzlar anaların, bacıların gözləridirlər ki, yerə qətrə-qətrə yaş tökürlər. Gözümü göydən döndərib, yenə dağın ətəyi ilə gedən ana-balaya tərəf baxdım. Gördüm övrət bir daşın dalında əyləşib, balaca qız da özünü onun ağuşuna qısıb deyir: – Oxay, ana can, necə istidir, bax İndicə bədənim qızışdı. Amma anadan səs gəlmir. Bir də baxdım ki, ana-bala İkisi də qalxdılar havaya, onların pırtlaşmış saçları qalan saçlara dolaşıb, işıldayan gözlərindən başladı yaş tökülməyə. Qəflətən bir dəhşətli qışqırtı eşidib, üzümü geri çöndərdim, gördüm Süleyman əfəndi əllərini göyə qovzayıb deyir: – Bax, odur, balam oradadır, övrətim də onun yanında! Bala, gəl!.. Bala, gəl atanın ağuşuna!.. Bala, gəl! Süleyman əfəndinin qışqırtısına oyanıb, gördüm soyuq tər basmış bədənim bütün lərzədədir. Sübh saat səkkizdir. Durub, libasımı gedim. Üzümə su vurub aram oldum. Çay içib çıxdım küçəyə. Gördüm camaat dəstə-dəstə gedir. O saat yadıma düşdü ki, bu gün mövludinəbidir, hərbzadələrə ianə yığacaqlar. Mən də məscidə tərəf rəvan oldum. * * * Mirzə Səfər Ağ çuxalı, ağ arxalıqlı, İkiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün İki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir özözünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda İki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı və dedi: – Afərin, Səfər, İndi xalis şairsən! Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri qızarıb, daha şairliyinə şəkk ola bilməzdi. Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd, beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-İki baş gəzİndi. Hərçi fikir etdisə, şeri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib qələmi alıb gözəl xətlə yazdı: Darvazamızı fələk vurubdu! Mirzə Səfər hərçi çalışdısa, İkinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi. Mirzənin atasının evində saat birdə nahar yeyilirdi. Bu dəfə saat bir oldu, İkidən addadı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir: “Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu!” Atası qapının açıb otağa daxil oldu: – Ay oğul, bu nə halətdi səndə? Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: “Darvazamızı fələk vurubdu!” Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxudu: “Darvazamızı fələk vurubdu!” Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdu. İrəliləyib, oğlunun boynundan yapışıb dedi: Darvazamızı fələk vurubdur! Sən tək bişüuru mənə veribdi. – Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar. Oğlunu otaqdan çıxarıb apardı nahara. Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi. Ancaq cavab verdi ki: qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm. Mirzənin anası xatircəm evə qayıtdı. Qız qapının dalında durub danışığa qulaq açırmış. Anası qonağı yola salıb qayıdanda, qızını gözü yaşlı görüb, xəbər aldı: – Ay qızım, nə olub sənə, niyə ağlayırsan? Qız cavab verdi: – Ana can, danışdığınızın hamısını eşitmişəm, məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə. – Ay qız, Səfər necə oğlandı, niyə xoşuna gəlmir? – İstəmirəm, ana can, qurbanın olum. – Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə heç atan razı olmayacaq. Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başı aşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də movzun deyildi. Belə adamları qızlar sevməzdilər. Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi: – Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək İki ev saxlayaq; qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın... – Axır onlar bizdən cavab gözləyəcəklər? – Bir gün gözləsinlər, eyb eləməz, sabah bir dükan qonşum Hacı Əbdüləzimə də məsləhət eləyim, o, bir ağıllı, dünya görmüş kişidir. Səhər qızın atası Hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kor pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz, hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir, gecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə gəlibsən, mən məsləhət görmürəm. İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə, kiçik qızı atası heç kəsə verməyəcək. Keyfiyyət Səfərə təsir edib, onu naxoşluğa salır. Atası oğlunun halətini görüb dedi: – Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qoməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə bu sövda da başından çıxa. Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü hardansa, adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır: Fəzayi-eşqdə Məcnunə nisbət, Nə düşübsən biyabana, ay Səfər! Hansı Leyli salıb dami-zülfünə Gətiribdir səni cana, ay Səfər! Mahtab tələtli, kim vermiş firib, Dərdinin dərmanın tapmamış təbib. Yar ilə aranı vuran səg rəqib, Pərvanə tək oda yana, ay Səfər! Yarın çox gözəldir, nə pünhanı var, Dövlətinin nə ədədi, sanı var. Deyirlər ki, ancaq bir nöqsanı var... Məhəl qoymaz sən tək cana, ay Səfər! Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeri özü çox həvəslə oxuyardı. Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər. * * * Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Mirzə Səfərlə biz tanış olanda, onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasına qulluq edərdi. Rusca savadı az olduğundan, ancaq işi mübəyyizlik idi. Iyirmi beş manat da maaşı vardı. Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb divarın daşına dayayıb, ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi. Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən, tərcümələri də çox tuhaf çıxırdı. Başlardı: – Usta Zeynal, gör şair nə gözəl deyib: Xoş əst badeyi-gülgün ba kəbabi-şikari, Zidəst saqiyi-gülçöhrə dər kənari-buxari. Nə əz bəhri-niguyi-gül bə pişət dəstə avürdəm, Zixubi-laf mizəd gül giriftə bəstə avürdəm. Afərin şairə! – deyib qozun ləpəsindən birin ağzına qoyardı. Usta Zeynal, həmçinin, bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: “Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək İkiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib, ayağımdan çıxar”. Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi İki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm – verməsinlər”. Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir: – Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım. – Dayan, bu saat yazaram, əlimdə özgə iş var. – Bilirsiniz, mən Həsən ağanın qohumuyam? Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı. – Doğrudan Həsən ağanın qohumusan? – Doğrudan. – Sən Allah, Həsən ağanın qohumusan? – Vallah, doğru deyirəm. – Sən Həzrət Abbas, Həsən ağanın qohumusan? – Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. – Deyinən sən öl, Həsən ağanın adamıyam. – Sən öl, Həsən ağanın adamıyam. – Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan. İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri, idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqrammaları qəbul edərdi. Bir gün növət Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi. Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi: – A kişi, bura gəl, bura gəl. Kişi durub gəldi. – Nə buyurursan, Mirzə? – Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz? – Mən nə bilim, ay Mirzə. – Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz? – Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam. – Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın. Bir dəfə nə üstə isə naçalnİkin buna qəzəbi tutub dedi: – Səfər! Papağını götür, buradan get! Mirzə Səfər qalxıb şax naçalnİkin sifətinə baxdı. – Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda, papağımı qoyub getməyəcəyəm. “Külahın satgilən xərc et, tüfeyli olma namərdə, Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!” Şeri oxuyub, bir növ rusca tərcümə etdi. Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı. Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar. Mirzə Səfərin İki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdular. Mirzənin məişəti ağır olduğundan, məktəb nəzdində olan cəmiyyətixeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcək, pul verməsələr, hər İkisini məktəbdən xaric edəcəklər. Sabahı gün Mirzə naçalnikdən izn alıb məktəb müdirinin yanına getdi. Müdir dedi: – Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər İkisi yaxşı oxuyurlar. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. Iş onun əlindədir. Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Iclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı: – Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz. Ağa cavab verdi: – Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridirlər. Yəqin yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər. Mirzə Səfər məyus evə qayıtdı. Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda, Mirzə dedi: – Nə eləyim, ay arvad, bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı. – Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki, az-çox oxuyublar, çörəksiz qalmazlar. – Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin özümü öldürərəm. Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına. Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı: – A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? – Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub. – Söylə görək. – Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm İkisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm. Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü. Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi: – Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın İkisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar. Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü. – Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, İndi bir az da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. Ildə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar. Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb, başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır. – Ağlamaq lazım deyil, Mirzə, sən İndiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar? Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı İki stəkan çay gətirib, qoyub getdi. – Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz. Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər. * * * Mirzə Səfərin oğlanları İkisi də bir ildə məktəbi tamam etdilər. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi. Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutub: – Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də İndiyədək mənə bəqədri məqdur kömək edibsən. İndi bir tədbir lazımdır. Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi: – Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? – Yox, oğul, gücüm çatmaz. On manat bəlkə... Bəs sən? – Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı. Bu məsləhəti hamı xoşladı. Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi: – Mirzə Səfər, Mirzə Səfər! Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Mirzə, Həsən ağaya tərəf getdi. – Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm! Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! – Sağ ol, ağa! – Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma gəlsinlər, bir söhbət edək. – Nə üçün gəlsinlər, ağa? – Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir visit versinlər. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə. – Ağa, qulluğa qoymaq fikrim yoxdur. Istəyirəm uşaqlarımı ali təhsil almış görüb, gözlərimi yumum. – A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə “gördüm” demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat! – Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq İndi də mənim yadımdan çıxmır. Həsən ağanın rəngi dəyişdi: – Nə demək istəyirsən, bu eyhamların mənası nədir? – Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vəgüzar ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, baş ağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu. Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya: – Görürsən, hacı, xalq nə payədə qudurub?! Hər qorqoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: “Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam ediblər, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar”. Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax! Həsən ağa ovqatı təlx qalxıb getdi evinə. İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə, işləri gün-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu. Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı: – Mirzə Səfər, bir buraya zəhmət çək. Mirzə gələndə onun əlini bərk sıxdı: – Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən bir mənim yanıma gəlsin, deginən əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən. Mirzə təəccüblə ağanın üzünə baxdı: – Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir. – Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır. – Baş üstə, deyərəm. Xudahafiz. Həsən ağa dübarə Mirzəyə əl verdi. * * * Mirzə Səfər ölüm bəstərində idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba çalırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi. Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı. Mirzə gözlərini açdı. – Balalarım, yavuğa gəlin, əlinizi mənə verin. Oğlanlarının əllərini aldı əllərinə. – Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onun tək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm. Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sərsəlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam usta Zeynal idi. * * * Keçmiş günlər Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər. Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi. – Qasım yüzbaşı, Tiflisi ki, görmüsən. Günlərin bir günündə baxdım ki, libasımın təzələnməyinə bir az ehtiyac var. Libas tikdirmək üçün bir istədim Gəncəyə gedim. Sonra fikir etdim ki, Gəncə nə yerdir ki, dərzisi də nə ola. Elə həm ziyarət, həm ticarət, gəl birbaş özünü sal Tiflisə, həm özünə paltar tikdir, həm də bir az havanı dəyiş! Ax, gözəl Tiflis! Hanı səndə çəkdiyim keflər, gördüyüm günlər, ağrılarını aldığım nazənin sənəmlər! Sən öləsən, Qasım yüzbaşı, bu zalım oğlunun şəhərini könlüm belə istəyir ki, dildə demək mümkün deyil. Budur, neçə ildir ha çalışıram ki, heç olmasa gedim gendən də olsa o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim; bir para gözəl vaxt keçirdiyim evlərin heç olmasa qapısının qabağından addayım, amma mümkün olmur. Hərçi çalışıram, əlimə bir yüz manat sala bilmirəm. Qərəz, mətləbdən uzaq düşdük. Tiflisə üç yüz, beş yüz ilə getmək olmaz idi, üç min manat cibimə pul qoyub yola düşdüm. Tiflisə varid olub birbaş “Oriyant” mehmanxanasına sürdüm. Avtomobilçiyə dedim: gərək mehmanxanaya çatınca Tiflis küçələrində bir çığır-bağır salasan ki, hamının diqqətini cəlb eləyək. Zalım oğlu, doğrudan da başladı avtomobilin zurnasını çalmağa və bir növ bağırtı saldı ki, tamam küçələrdə gəzən xanımların, kişilərin nəzərlərini mənə tərəf çəkdi. Mehmanxanaya çatan tək qapıçı çıxıb ikiqat baş əyib çamadanımı aldı, apardı içəri. Mən də avtomobilçiyə haqqından başqa, bir qızıl onluq da ustalığına bağışlayıb mehmanxanaya girdim. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Mehmanxana sahibi gəlib dedi: “Süleyman bəy, bağışlayınız, qiymətli nömrələrimiz tutulub, ancaq bir dənə on İki manatlıq nömrə var, qəbul etsəniz sizin üçün hazırlasınlar”. Dedim: “Eybi yoxdur, hazırlasınlar; bir dəfə də ucuz nömrədə mənzil edərik”. Sonra fikir elədim ki, dost-aşna gəlib məni on İki manatlıq nömrədə görsələr deyəcəklər ki, Süleyman bəy kasıblayıb, ucuz nömrədə əyləşir. Mehmanxanaçıya dedim: “Bu nömrədə əyləşirəm, sonra bir əməlli nömrə boşalanda mənə xəbər verərsən”. Dedi: “Baş üstə! Peterburqdan varid olmuş vəzir İki gündən sonra gedəcək, onun nömrəsinə keçərsiniz”. Dedim: “Çox gözəl, deginən mənim üçün vanna hazırlasınlar”. Lakeyə dedim: “Düş qabağıma nömrəni göstər”. Lakey nömrəni açıb çamadanımı qoydu içəri, sonra mənim paltonumu çıxardıb divardan açıb çıxdı eşiyə. Nömrə bəd deyildi; ancaq mənə yaraşmazdı. Vanna götürüb, gəlib nömrədə bir üç saat yatdım. Sonra durub getdim restorana nahara. “Oriyant”ın restoranı da ki, vəsfə gələn deyil: bir behişt!.. Sadıq burada Süleyman bəyin sözünü kəsib soruşdu: – Süleyman bəy, o restoranla bu çayxana necədir? Bu maxorqadan orada da çəkirdinmi? – Sən öləsən, biri bir manatdan ucuz siqar əlimə də almazdım. Nə söyləyirsən! Niyə, özün bilirsən ki? Qasım yüzbaşı Sadığı dayandırıb dedi: – Yoldaş Sadıq, mən ölüm, qoy Süleyman nağılını qurtarsın. Bu söhbətlər mənə can verir. Axır o xarabada mən də gözəl günlər keçirmişəm. Süleyman bəy! Nağılını söylə. – Bəli, naharı qurtarıb getdim birbaş dərzi Solomonun yanına, bir dəst lətif çərkəzi libas zakaz verdim, dedim gərək bu gecə yatmayıb sabah bu vədəyə hazır eləyəsən! Solomon dedi: baş üstə, ancaq gərək İkiqat muzd verəsiniz! Dedim: “A həpənd”... Sizin canınız üçün, hələ belə dedim: “A həpənd, məgər məni tanımırsan? Üç qat muzd al, ürəyimcə paltar tik”. Dedi: “Can üstə!” Doğrudan da, sabahı günü haman vaxt libası gətirdi. Zalım oğlu bir libas tikmişdi ki, baxan deyərdi: buna insan əli dəyməyib. Libası bəzənib çıxdım Qolovinskiyə. Bir qədər gəzib yoruldum. Girdim qəhvəyə, əyləşmişdim, gördüm bir nəfər mənə “Süleyman bəy, xoş gördük!” dedi. Dedim: “Bağışlayınız, mən sizi tanıya bilmirəm”. Dedi: “Məni tanımırsınız? Məgər knyaz Qurquraşvili yadınızdan çıxıbdırmı? Mən sizin atanız ilə neçə il çörək yemişəm. Mən sizin evə həmişə gəlibgedərdim. Şükür Allaha, böyük, gözəl oğlansınız. Tiflisdə sizi tanımayan qız yoxdur. Məclislərdə ancaq sənin söhbətİndir. Sən tamam Tiflis gözəllərinin dillərinin əzbərisən. Dünən axşam bir evdə sənin söhbətin idi. Mən dedim o mənim yaxın dostumun oğludur. Mənim Batumdan təzə gəlmiş qardaşım qızı dedi: “Əmi, hər növ olsa məni onunla tanış edərsən”. Siz haraya düşmüşsünüz? Yəqin “Oriyant” nömrələrinə? Dedim: “Bəli, on səkkizinci nömrəyə; buyurunuz, qəhvə içiniz!” Knyaz əyləşib bir stəkan qəhvə içib, bir az da o yandan-bu yandan söhbət eləyib durdu. “Axşam gələrəm, bir yerdə gedərik teatra. Bu gecə yaxşı teatr var!” Knyaz getdi. Mən də bir avtomobil götürüb bir-İki saat şəhəri dolanıb getdim nömrəyə. Nahar edib yatdım. Axşam saat yeddidə gördüm qapı döyülür. Qapını açdım. Knyaz Qurquraşvili daxil oldu. Samavar istədim, çay içdik, sonra libasımı dəyişdim, getdik teatra. * * * Teatrda əyləşib pərdənin qalxmasını gözləyirdik. Bu halda bir nəfər gözəlliyi vəsfə gəlməyən cavani-növrəsidə, on səkkiz ya iyirmi yaşında bir qız knyaza yaxınlaşıb dedi: – Əmi, siz də buradasınızmı? Knyaz üzünü mənə tutub dedi: – Bu nə gözəl iş oldu! Süleyman bəy, bu mənim qardaşım qızıdır. Təvəqqe edirəm tanış olasınız! Qızın əli mənim əlimə dəyəndə elə bil əlimə bir od basdılar. İstisi ürəyimə vurdu. Teatr qurtarandan sonra knyaz və qardaşı qızını şama təklif etdim. Çox həvəslə qəbul eləyib, mənimlə gəldilər mehmanxanaya. Orada şam yeyib saat üçədək söhbət etdik. Saat üçdə knyaz dedi: – Tamara, Süleyman bəyin yatmaq vaxtıdır, dur gedək! Sonra üzünü mənə tutub dedi: – Süleyman bəy, təvəqqe edirəm, sabah naharı bizim evdə eliyəsiniz! Tamara, həmçinin dedi ki, əgər mən iltifat edib sabah onlara nahara gəlsəm, məndən çox razı olar. Mən “baş üstə, gələrəm” dedim. Knyaz evinin adresini verib Tamara ilə getdi. O gecə sübhədək yata bilmədim. Bir az məni huş aparanda zalım qızı gəlib dururdu gözümün qabağında. O biri günü nahardan qabaq dəllək gətirib özümə bir yaxşı təravət verdim. Sonra bir dəstə gül götürüb getdim nahara. Tamara bu dəfə bir dəst paltar geymişdi ki, daha nə ərz eləyim: cuna paltar, altından mərmər tək bədən par-par parıldayır. Baxan deyər: görəsən bu, mələkdir, pəridir, behiştdənmi gəlib; yoxsa belə insane bədəni yəqin eləyin ki, dünya üzündə yoxdur. Siz öləsiniz, yoldaşlar, nə yediyimi anlamadım ağzım yeyirdi, gözüm Tamarada idi. Bir də gördüm nahar qurtarıb. Naharda nə yedim, onu İndi də bilmirəm. Nahar dadlı idimi, turş idimi, acı idimi, əsla bilmirəm. Nahardan sonra əyləşdik söhbətə, Tamara məndən soruşdu: – Süleyman bəy, siz Batumu görmüsünüzmü? – Xeyr, xanım çox şəhərlər gəzmişəm, amma Batuma yolum düşməyibdir. – Elə olan surətdə mən bu axşam yola düşürəm. Əmim mənimlə gedir. Çox yaxşı olardı ki, siz də bizimlə gedə idiniz. Həm Batumu görə idiniz və həm də mənim atam və anamla tanış olaydınız. Onlar siz ilə tanış olmaqdan çox razı qalarlar. Mənim, “baş üstə”dən sivay bir deməli sözüm qalmadı. Nömrənin hesabını verib, getdim vağzala. Gördüm knyaz və Tamara da orada hazırdırlar. Batuma üç bilet alıb yola düşdük. Kutayisə yaxınlaşanda knyaz dedi: – Süleyman bəy, siz gərək ki, Kutayisi də görməmişsiniz, nə olar dönüb orada bir gün qalsaq? Çox görməli şəhərdir. Bu fikrə Tamara da şərik oldu. Və mən də “çox gözəl olar”dan başqa bir söz tapmadım. Rion stansiyasından Kutayisə döndük və bir mehmanxanada mənzil edib çay içib şəhərə çıxdıq. Nahara əyləşdik, knyaz dedi: – Süleyman bəy, burada mənə qonaqsınız. Mən sizə qaydalı gürcü naharı verəcəyəm. Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Şərab butulka-butulka, peydərpey gəlir. Knyaz şərabdan tökür, Tamaranın sağlığına təklif eləyir, mən də stəkanı stəkan dalınca içirəm. Kefimiz gecə yarısınadək çəkdi. Mən şərabı o qədər içirəm ki, məni nə təhər soyundurub yatırdıqlarından xəbərim olmur. Gözümü açdım, gördüm sabahdır. Əlimi atdım saata ki, vaxtı bilim, gördüm saat yoxdur. Ora saat, buru saat, tapılmadı. Sonra gördüm, qızıl kəmərim də mənzildə yoxdur. Bildim ki, məni soyblar. Əlimi cibimə apardım, gördüm ki, pullarım da yoxdur. fövrən zəngi çaldım. Qulluqçu gəldi. Dedim: – Amandır, bir tezcə knyazı buraya çağır. Qulluqçu soruşdu: – Necə knyaz? – Mənimlə dünən buraya gələn. – Knyaz da, qız da vağzala getdilər. – Necə getdilər? – Getdilər və dedilər ki, Batuma gedirik. – Bəs mənim pulumu, saatımı, kəmərimi oğurlayıblar! – Burada oğru, filan yoxdur, aparmışsa, öz yoldaşınız aparıb. Təvəqqe edirəm, bizi töhmətləndirməyib, mənzilin, naharın pulunu verəsiniz. – Məgər knyaz naharın pulunu verməyibmi? – Bizə pul çatmayıb. Hər sizin kimi yoluq-moluq gəlib burada nahar eləyib sonra üstümüzə oğurluq yıxsa, gora yaxşı salamat baş apararıq. Nə qədər and içdimsə ki, pulumu oğurlayıblar, inanmadı. Axırı labüd qalıb dedim: – Canım, sabahadək gözlə, teleqram vurum, pul gəlsin. Hesabınızı verim. Dedi: – Gözlərəm, ancaq pul gəlməyincə səni bu nömrədən buraxmayacağam; yoldaşların kimi sən də qoyub qaçarsan! Ciblərimi axtarıb bir dənə üçlük tapdım. Bir teleqram Tiflisə, “Oriyant” mehmanxanasının sahibinə vurub üç yüz manat istədim. Sabahı günü pulu alıb mehmanxananın hesabını verib, Batuma çatdım. Hər kəsdən soruşdum, dedilər: “Batumda Qurquraşvili adında knyaz yoxdur. Abaşidze var. Şervaşidze var, amma Qurquraşvili yoxdur”. Batumdan Tiflisə gəlib, getdim haman nahar etdiyim evə, soruşdum: – Qurquraşvili evdədirmi? – Qurquraşvili kimdir? – Necə kimdir, bu mənzilin sahibi! – Bu mənzilin sahibi mənəm və Qurquraşvili adlı adam tanımıram. – A kişi İki gün bundan əqdəm həmin bu evdə o məni nahara qonaq eləyibdir. – Səhvsiniz, əzizim! Bu evdə deyil. Adresi unutmuşsunuz! Daha burada yəqin etdim ki, lotu əlinə düşmüşəm. Məni tovlayıb soyublar. Gəlib əhvalatı mehmanxana sahibinə nağıl elədim. Dedi: – Bəy, bura Tiflisdir, belə işlər çox olar. Dövlətli adamsan, ürəyini sıxma, bu da bir dərsdir, aldın! Tiflisdən evə kağız yazdım. Min manat gətirdib mehmanxana sahibinin borcunu verib Tiflisdən çıxdım. İndi, yoldaşlar, Tiflis belə Tiflisdir. Pulum getdisə də yenə bir doyunca ləzzət gördüm. Süleyman bəy söhbətini qurtaran tək Sadıq soruşdu: – Nağlını qurtardın? – Bəli... – Di, cəld dur, get ambarın qapısını aç, atların arpasını ver. Hər ata dörd ovucdan artıq arpa vermə. Sən də, yoldaş Cahangir, gərək bu saat gedəsən Hacı Babalıya deyəsən ki, camaat sabah cəm olan pambığı zavoda yola salsınlar. Sən də, yoldaş Qasım, get, bir az dincəl, bu gecə qaraul növbəti sənİndir. Mən də gedim dəftərxanaya. Görüm mərkəzdən əmrdən, filandan yoxdur, di tənbəllik vaxtı deyil, ayağa qalxın. Di haydı! * * * Uca dağ başında Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər. Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir. Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal olub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, o şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni olmuşdur. May ayının birindən sentyabrın ortasınadək şəhər şənlik və abad olur. Yaylağa gələnlər, dağlara mal və qoyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır. Məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi olsun ki, onu oynatmaqla camaat vaxtını keçirsin. Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qonşu qəzaya gedir. Şəhərin meydanına varid olub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda o baş-bu baş gəzdirir. O saat bu adamın dəli olduğunu görür və fövrən yadına düşür ki, öz şəhərində bu saat dəli yoxdur. Camaat məşğuliyyətsiz qalıbdır. Ticarətini qurtarandan sonra haman divanəni tovlayıb şəhərə gətirir və şəhər meydanında buraxıb deyir: “Burayadək mən səni gətirdim, İndi get özünə çörək tap!” Camaata da deyir ki: “Ay camaat, doğrusu, bu dəlini sizin üçün məşğələ gətirmişəm. Qışdır, bikarçılıq zamanıdır”. Camaat hamısı izahitəşəkkür edib dəliyə məşğul olurlar. Şəhərin dəlilərinin hamısının tərcümeyihalı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən kökələnib tünd, təlx olmaları tamam əhaliyə məlumdur. Bu dəlilərin və adamların keyfiyyətindən bir neçə sətir yazmaq ziyan etməz. Tühəf şəxslərdən birisi, bir nəfər dəllək, özü də Hacı kişi idi. Şəhərin tamam evlərinin qapısı Hacı kişi üçün açıq idi. Qan alardı, həcəmət qoyardı, diş çəkərdi, zəli salardı; hətta cərrahlıq da edərdi. Rusca da yalan-palan danışardı. Bu Hacı adi bir şəxs olub heç vəch ilə tühəfliyini bildirmirdi. Amma, xudanəkərdə bir nəfər ondan “Hacı, saat neçədir?” – deyib xəbər alsa idi, Hacı o saat halətindən çıxıb olmazın föhşünü o adama verərdi. Bundan sivay heç bir yol ilə onu haldan çıxartmaq olmaz idi. İkinci tühəf – Alış adında bir şəxs idi. Bu adam həmçinin adi görünürdü. Buna da deyəndə “zənbilini tapmışam”, halətindən çıxıb yekə divanə olurdu. Yol ilə getdiyi vaxt şəhər uşaqlarından birisi ona: “Zənbilini tapmışam” – deyib qaçanda, dalınca papey olmayıb, ilk əlinə keçən uşağı tutub döyərdi. Deyərdilər: “Qardaş, sənə sataşan uşaq qaçdı, bu təqsirsizi niyə döyürsən?” Cavab verərdi ki, “uzaqlaşsa bu da sataşacaq”. Üçüncü tühəf – Qurban adlı bir kişi idi. Qubuş ləqəbi ilə məşhur idi. Bu adamı bir ay rəmazan və məhərrəm ayının birindən səfər ayının iyirmisinədək məscidlərdə, təkyələrdə əyləşib başına döyüb gözlərindən qan-yaşı abi nisan kimi tökən görərdilər. Şəvvalın birində və səfər ayının birində Qubuş lül piyan bazara çıxardı və həmişə məst olardı. Şəhər şairlərindən birisi bir xanədanın həcvində Qubuşu da yadından çıxarmayıb yazıbdır: “Əmənullah, yaşasın torpağı sanı Qubuşun, Bəhri-yek cürəti-mey qaynanasından küsənəst!” Hər sübh Qubuş bazara çıxıb qabağına gələn şəhər əhalisindən araq pulu istərdi. Xalq da müzayiqə etməyib verərdi. Qubuş cəm etdiyi puldan lazım qədər araq bahası götürüb, qalan paranı da füqəraya paylardı. Bir dəfə şəhər qazısı Qubuşu yanına çağırıb başlayır ona nəsihət etməyə ki, bəlkə tövbə edib şərab içməkdən əl çəksin. Qubuş bir söz deməyib durub bayıra çıxır və tez geri qayıdıb bir stəkan və bir qədər üzüm gətirib qazının qulluğuna qoyub və qazıya sual verir: – Qazı ağa, mən bu üzümü yeyə bilərəmmi? – Əlbəttə, yeyə bilərsən! Qubuş üzümün suyunu stəkana sıxıb yenə soruşur: – Qazı ağa, mən bu üzümün suyunu içə bilərəmmi? – Çox gözəl içə bilərsən! – İndi içməyib, saxlayıb üç aydan sonra içəcəyəm. Bunu deyib durub qazıxanadan çıxır. Bir-İki saatdan sonra Qubuş möhkəm piyan, dalınca bir sürü uşaq, gəlib qazıxananın qabağından addayıb keçirdi. Bikar vaxtı camaatı məşğul edən simalardan biri də bu idi. Axundlar deyirdilər ki, bircə dəfə onun dilindən tövbə çıxsa, Əshabi-Kəhfin iti kimi yeri behiştdir. Dördüncü tühəf – Əsəd dayı idi ki, camaat ona “molla Əsəd” deyərdi. Bu kişinin kökündən savadı yox idi. Hətta öz adını da yazmağı bacarmazdı. Bu adam risalə dəlisi idi. Təzə bir müctəhid çıxan kimi, onun risaləsini gətirib savadlılara oxudub əzbər edərdi. Sonra risaləni götürüb düşərdi şəhərə. Hər yerdə ki bir məclis tərtib olundu: toymu, vaymı, molla Əsədi orada görərdin. Camaat ortaya bir təharət, ya izaleyi-nəcasət məsələsi təfrih üçün salıb molla Əsədi çəkərdilər mübahisəyə. Molla Əsəd bir qeyzlə mübahisə edərdi ki, ağzından köpük daşardı və görərdin yerindən diz-dizi sürünüb gələrdi məclisin ortasına, orada qışqırmağa başlardı: – Ay bədbəxtlər, ay dünyadan bixəbərlər, məgər cəhənnəm əzabından qorxmursunuz? Inkir-minkir sualına nə cavab verəcəksiniz? Qiyamət sorğusualından diliniz tutulub cavab verə bilməyəcəksiniz. Cəhd edin vaxt var ikən səhviyyat, şəkkiyyatınızı öyrənin. Füruüddinə diqqət verin, yoxsa qiyamətdə peşmanlıq səmərə verməz. Camaat başlarını bulayıb deyirdilər: “Allah sənin imanını kamil etsin, molla Əsəd dayı! Nə yaxşı bizim səhvimizi bizə öyrətdin”. Molla Əsəd dayı da bu sözləri ciddi hesab edib deyirdi: “Əmr bəmə”ruf və nəhy əz münkər hər bir müsəlmanın borcudur. Mən bu barədə danışmasam, məşğuli-zimmə olaram. Hər alim gərək bildiyini bilməyənlərə öyrətsin”. Belə-belə söhbətlər ilə camaat bikar vaxtlarını keçirərdi. Yenə bir dəfə şəhərə bir məşhur müctəhid gəlir. Molla Əsəd istəyir onun qulluğuna getsin. Şəhər cavanları cəm olub deyirlər: “Biz səni bu sifətdə müctəhid yanına göndərmərik. Gərək səni adına layiq bir qiyafəyə salaq”. Təfrih üçün molla Əsədin başına bir əmmamə qoyub, çiyninə əba salıb, özləri də mürid sifətində onun dalına düşüb Rastabazar ilə müctəhidin qulluğuna aparırlar. Tamam bazar əhli tamaşaya cəm olur. Hətta dükançılar beləhamısı dükanlarını bağlayıb molla Əsədin dalınca düşürlər. Bu sayaqla molla Əsədi gətirib müctəhidin qapısından içəri salıb qaçıb dağılırlar. Xalqın məşğələsinin biri də molla Əsəd idi ki, xəlvətdə adına “Dəli molla Əsəd” deyirlər. Beşinci tühəf – Sofi Hüseyn adı ilə məşhur, uzunboylu, ağ uzunsaqqallı qəbi-heykəl bir kişi idi ki, bikar xalq üçün böyük şüğl idi. Bu kişidə bir qəribə qabiliyyət var idi: hər vaxt istəsə idi səbəbsiz ağlardı. Görərdin qış fəslində tacirlər hamısı dükanlarını buraxıb həmkarlarından bir nəfərin dükanına cəm olurlar. Manqal qırağında hər biri qabağına bir stəkan çay qoyub əyləşiblər, yuxarı başda da Sofi Hüseyn əyləşibdir. Birisi deyəndə ki: – Hüseyn əmi, mən ölüm, bir ağla! Sofi Hüseyn də gözünü bir-İki dəfə yumub-açanda yaş gözündən saqqalı uzunu sel kimi axardı. Məhərrəm ayında təkyələrə Hüseyn əmini sinə vurmaq üçün xüsusi çağırırdılar. Növhə başlananda Hüseyn əmi sinəsini açıb başlardı növhənin havası ilə şarpaşarp sinəsinə çırpmağa. Sinəsinin şarpıltısı bir verst yola gedirdi. Hər bir təkyə sahibi təziyəsinin şükuhu üçün Sofi Hüseyni çağırmağı vacib bilərdi. Odur ki, Hüseyn üstündə təkyə saxlayanların həmişə davası düşərdi. “Bayraməlisiz toy olmaz” misalı kimi, Sofi Hüseynsiz təkyə olmaz da məşhur olmuşdur. Sofi Hüseynin bir peşəsi də var idi. Bu da ağlaşmalarda ağı deyib arvadları ağlatmaq idi. Dövlətli şəxslərin təziyəsinə Sofi Hüseyni əlbəttə çağırardılar. Hüseyn gözəl ağladırdı. Ağlamaq ki, peşəsi idi. Əlavə onun dəyərli səsi arvadları halətdən salırdı. Görərdin əlini qulağına qoyub oxuyur: Bu dağlar, ulu dağlar, Çeşməli sulu dağlar! Burda bir cavan ölüb, Göy kişnər, bulud ağlar, hey!.. Arvadlar da ağız-ağıza verib onun dalınca “hey!” deyərdilər. Dövlətli təziyələrində bir “haxışta” vurmaq var idi. Arvadlar dairə düzəldərdilər. Bir nəfəri arada durub “bəhr” tutardı. Yerdə qalanı “şaxsey-vaxsey” deyərdi. Haxışta vurmaqda heç kəs Sofi Hüseynə bərabər ola bilməzdi. Arvadlar halay vurub Hüseyni araya salardılar. O, “bəhr” tutardı, onlar da “şaxsey” deyərdilər. Sofi Hüseyn: – Araz qırağı ləklər, Arvadlar: – Şaaxsey, vaaxsey! – Çərmənib ağ biləklər. – Şaaxsey, vaaxsey! – Düşmənə xəbər olsun, – Şaaxsey, vaaxsey! – Hasil olub diləklər. – Şaaxsey, vaaxsey! – Yar yolu taxta-taxta. – Şaaxsey, vaaxsey! – Bir atda İki noxta. – Şaaxsey, vaaxsey!.. i. a. – Şabbaz oğlu Məmmədvəli – Şaaxsey, vaaxsey!.. i. a. Sofi Hüseyn də belə bir tüfəh vücud idi. Altıncı tühəf – Rəhim kişi idi. Adına Pişik Rəhim deyərdilər. Bu ləqəbin ona verilməyinin səbəbi o oldu ki, hər yerdə ki plov verərdilər, istər toy olsun, istər vay, Pişik Rəhimi orada görərdin. Bu yerlərin hamısına da təklifsiz gedərdi. Hətta ehsana çağırılacaq adamların siyahisi tutulan vaxt bir nəfər Rəhimin adını çəkəndə deyərdilər ki, onu yazmaq lazım deyil, özü gələcək. Onun özündən xəbər alanda ki, Rəhim əmi, bu qonaqlıqlara çağırılmamış niyə gedirsən? Cavab verərdi ki, getməyəndə inciyirlər. Həmişə də mollalar ilə bir yerdə məclisin başında əyləşərdi. Qonaqlıqların birisində ortalığa xörək gətirənlər sözləşirlər ki, xörək paylayanda Rəhimi arada keçirsinlər və belə də edirlər. Rəhim heç bir söz deməyib sakit yerində əyləşir. Xörək yeyilib qurtarır. Molla “fatihə” deyəndə Rəhim də onun dalınca uca səslə qışqırır: – Fatihə, yedilər, doyduq! Tühəflərdən bu altı nəfəri saymaqla iktifa edib deməliyəm ki, bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir komediya üçün qəhrəman olmağa layiqdir. Əlavə bunu deməliyəm, şəhərimiz başdan-ayağa tühəflər şəhəri idi: cavanları tühəf, qocaları tühəf, bəyləri, xanları, axundları, mərsiyəxanları, seyidləri həmçinin tühəf. Əhalisi on mindən ziyada olmayan şəhərdə dörd məzhəb var idi. Mollalar axşamadək mübarizədə idilər. Xalq da işini-gücünü buraxıb, axşamadək bunların dalınca düşüb vaxtını boş mübahisədə keçirirdi: – İmam divarın dalını bilər, ya bilməz? – Vaxta ki, İmamdır, əlbəttə bilər? – Xeyr, bilməz! – Əmr olsa bilər, olmasa bilməz. Hər mollanın dalınca özünə görə dəstəsi var idi. Məsəla: dəmirçi usta Rüstəm, başmaqçı Məlik oğlu Qasım, suçu Əbutalıb, qəlp pul kəsən Məşədi Həsənəli, hamamçı Mir Mehdi. Bu mübahisələri də düzəldənlər bəylər və xanlar idi. İş yox, peşə yox, ciblərində pul çox – nə etsinlər? Üç yol var idi: qumar, içki məclisi, biri də molla döyüşdürmək. Özləri nə Allah bilirdilər, nə şeytan. Məhz vaxt keçirtmək üçün xərc çəkib qonaqlıqlar düzəldirdilər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar, mollalar camaata, camaat mollalara qarışardılar. Bəylər də kənardan tamaşa edib, bu çarpışmadan həzz aparardılar. Cavan bəyzadə və xanzadələrin də qış üçün öz məşğələləri olardı. Cavanların xüsusi bir təşkilatları var idi. (Təşkilat təzə sözdür, o vaxt təşkilata kampaniya deyərdilər). Təşkilatın hər gecə üçün xüsusi proqramı olardı. Gün batandan sonra gecə də bəyzadələrin birinin evində qonaqlıq düzəldib, şərablar içilərdi. Saat İkidə, üçdə başlar gərm olandan sonra, proqramın İkinci maddəsinə şüru edib düşərdilər qapılara və hər qapı gəldi döyərdilər: – Əli xəlifə, Əli xəlifə! – Kimsən, nə deyirsən? – Amandır, bir tez eşiyə çıx! Əli xəlifə də güman edərdi ki, yəqin can verən var. Tez qalxıb kürkə ya yorğana bürünüb çıxardı eşiyə. – Bala! Kimsən, nə deyirsən? – Bir şey demirik. Pis yatmısan, get təzədən yat! Sonra keçərdilər başqasının qapısına: – Həsən əmi, Həsən əmi! Bircə tez eşiyə çıx! Çəpgöz Həsən güman edərdi ki, qonşuya bir hadisə üz verib, onu köməyə çağırırlar; cəld libasını geyib balkona çıxardı. – Kimsən, nə istəyirsən? – Bağışlayın, Həsən əmi! Əziyyət veririk. Biz mərc çəkmişik: deyirlər çəp adam bir şeyi İki görər; yalandır, ya doğru? Söz yox ki, belə yuxudan oyadılan şəxslər olmazın söyüş edib qapını bağlardılar. Bəyzadələr də bundan ləzzət alıb gülüşərdilər. Yuxarıda söylədik ki, camaatın məşğələsi üçün gərək şəhərin həmişə bir dəlisi ola idi. Dəli tapılmayanda ya xüsusi adamlar göndərib başqa qəzalardan gətirdərdilər və yainki şəhər əhalisindən birisini dəli elərdilər. Bu da bir asan məsələ idi. Bir nəfəri dəli eləmək üçün beşaltı şahı maya qoymaq lazım olurdu. Altı, yeddi nəfər uşaq çağırıb hər birinə bir şahı verib salardılar bir bədbəxt oğlu bədbəxtin arxasına, bir az müddətdə görərdin ki, o baqaidə dəli edib bazara çıxartdılar. Dəlilərdən bir nəfəri deyirdi: “Dəlilik yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar”. Camaat tərəfindən dəli qayrılıb küçələrə atılanların biri də bizim qonşumuz Əli bəy idi. Bu bədbəxt oğlunun heç bir kəs ilə əlaqəsi yox idi. Başı aşağı öz peşəsinə məşğul idi. Hər sübh gedib şəhərin girəcəyində əyləşib, şəhərə daxil olan kəndliləri dayandırıb nə işə gəldiklərini sorardı. Vaxta ki, bildi kəndlinin sudda işi var, başlardı ona müəyyən bir vəkili tərif etməyə. Çoxusu da ona etibar edib öz işini onun təriflədiyi vəkilə aparıb tapşırardı. Əli bəy də vəkildən haqq-zəhmət alardı. Vəkil dəllallığı bir mütədavil peşə idi. Əli bəydən başqa bir neçəsi də bu peşənin dalınca gedərdi. Müxtəsər, hər vəkilin özünə məxsus bir Əli bəyi var idi. Qonşulara Əli bəyi dəli eləmək lazım gəldi. Bu yerdə həmişə iş görən küçə uşaqları olardılar. Bir dəfə Əli bəy, bir dəstə küçədə oynayan uşaqların yanından atlı ötdükdə uşaqlardan biri xəbər alır: – Əli bəy, haraya gedirsən? – Nə borcundur, oğul? – Məni də tərkinə al! Əli bəy atını sürüb gedir, uşaqlar düşürlər onun dalınca və qışqırışırlar: “Əli bəy, məni də tərkinə al! Əli bəy, məni də tərkinə al!..” Uşaqların hesabı gəldikcə artır. Bazar adamı bir də baxır ki, Əli bəyin dalısınca bir neçə yüz uşaq “Əli bəy, məni də tərkinə al!” – deyib yüyürüşürlər. Bazar adamı, dükançılar hamısı uşaqlara qarışırlar. Dükanların hamısından, bazarda gəzən adamların ağızlarından “Əli bəy, məni də tərkinə al” sədası, şairlər demişkən, asimanə bülənd olur. Əli bəy görür ki, daha onun üçün bazarda dayanmaq mümkün deyil, evinə qayıdır. Sübh Əli bəy durub qapını açır, bir o yana, bir bu yana nəzər yetirir. Ətrafda heç kəsi görməyib çıxmaq istəyir. Bir də eşidir ki, səs gəlir: “Əli bəy, məni də tərkinə al!” Bu səsə bir neçə səs daha əlavə olanda, Əli bəy qapısını bağlayıb evdə əyləşir. Bu minval ilə neçə gün o, xanənişin olur. Həmişə evdə oturmaq olmaz, çolma-çocuq çörək istəyir. Bir gün Əli bəy mülahizə edir ki, uşaqlar sakit olublar. Evindən çıxıb sudxanaya tərəf üz tutur. Rastabazaradək gedir. Görür ki, bir söz deyən yoxdur. Sevinir. Rastabazara daxil olan kimi yenə dörd bir tərəfdən “Əli bəy, məni də tərkinə al!” – sədası bülənd olur. Bundan sonra Əli bəy həqiqət dəli olub düşdü küçələrə. Camaat da məramına çatıb təzə bir dəli qazandı. Camaat tərəfindən İkinci dəli edilən bir nəfər Avanes adlı tacir erməni idi. Hər sabah, əlində açarları, qoltuğunda dəftərləri, gəlib dükanını açardı; ticarətini edib axşam yenə evinə qayıdardı. Bir dəfə yenə dükanına getdikdə qonşu dükançı səslənib deyir: – Sabahın xeyir, Avanes! Bu səsə qonşulardan da bir neçə adam: – “Sabahın xeyir, Avanes!” – deyib səs verirlər. Avanes: “Aqibətiniz xeyir” – deyib cavab verməklə dükanına keçir. Doğrudur, bu bir artıq söz deyil. “Sabahın xeyir” deyərlər, cavabında “Aqibətin xeyir” alarlar. Amma bir gündə altmış adam gəlib bir “Sabahın xeyir, Avanes!” – deyə, onda adam dəli ola bilər. Avanes də beləliklə az qaldı dəli olsun. Çünki bazara çıxanda məşribdən, məqriqdən, göydən, yerdən, hər yandan “Sabahın xeyir, Avanes!” sədası gəlirdi. Axırda dükanı bağlayıb şəhərdən baş götürüb qaçmağa məcbur oldu. Zeynalabdın adlı qoca bir kişi işləməyə taqəti olmadığından və saillik etmək istəmədiyindən, başmaqçılardan hər gün beş-altı cüt başmaq alıb əlində gəzdirib satardı. Onunla məişətini keçirərdi. Bir dəfə Zeynalabdın bir dəstə uşaqların yanından ötəndə uşaqların biri deyir: – O əmiyə baxın, quzğuna oxşayır. Qalan uşaqlar bu sözü eşitcək “ay quzğun, ay quzğun!” – deyib onun arxasınca düşürlər. Haman günü tamam şəhərə məlum olur ki, Zeynalabdin dayının ləqəbi “Quzğun”dur. Zeynalabdını da bu növ xanənişin eləyib bazardan və kasıblığından avara edirlər. Yazıq adamların biri də Mirzə Alı kişi idi. Bu bədbəxt bir nəfər ilə söhbət etdikdə danışıq nədən olursa, bir dəfə deyir: – Namərdəm əgər bu işi belə etməsəm. Kənar adamların neçəsi bu söhbəti eşidir. Mirzə Alı kişi bir də görür dalınca şəhərin hesabsız uşaqları tökülüb “ay namərd, ay namərd!” – deyərək gəlirlər. Mirzə Alı qaçıb gizlənir. Sübh evindən çıxır bazara tərəf getməyə. Yenə görür ki, hər yandan “ay namərd, ay namərd!” səsi gəlir. Bu kişini də belə bazara həsrət edirlər. Bir gün ramazan ayında, Mirzə Alı, axunda şikayət etmək xəyalına düşüb məscidə gedir. Məscidə yaxınlaşanda görür namaz qurtarıb, camaat dağılır. Bir azdan sonra axund çıxır. Mirzə Alı yaxınlaşır. – Salaməleyküm! – Əleykəssalam. Nə var, a Mirzə Alı? – Oxuduğuna qurban olum, ay axund, özün görürsən ki, camaat mənim başıma nə iş gətirir. Bazara çıxa bilmirəm, kasıblığa gedə bilmirəm. Aman günüdür, bu camaata bir nəsihət et. Bir lənətləmə oxu, bəlkə mənim üstümdən bu adı götürüb yaxamdan əl çəksinlər!.. Axund Mirzə Alının sözünə qulaq asıb deyir: – Ay namərd, niyə gec gəldin? Görürsən ki, camaat məsciddən dağılır. Axundun dilindən çıxan “ay namərd” sözünü Mirzə Alı ciddi hesab edib axund föhş verir. Bunun üstündə də camaat kişini o ki var döyür. Bir gün cənazə aparırlar. Şəhər uşaqlarından bir neçə yüzü cənazənin dalından düşüb qışqırırlar: “Ay namərd, bizi qoyub haraya gedirsən?” Xəbər aldım ki nədir? Dedilər: – Namərd Mirzə Alı ölübdür, dəfn etməyə aparırlar. Bir nəfər şəhər əhlinin adını, səbəb nə olursa, farmazon qoyurlar. Bu adam labüdd qalıb gedib miravoy suda camaatın əlindən şikayət edir. Mühakimə günü sudya farmazon ləfzinin mənasını soruşur. Cavab verirlər ki, bu sözün mənası yoxdur. Sudya deyir: – Belə olan surətdə mənasız sözdən incimək nə lazım? Nə eləyək, farmazon siz olmayın, mən olum! Bundan sonra camaat şəhər əhlinin yaxasını boşlayıb, düşür sudyanın üstünə. Sudya bazara, küçəyə çıxanda hər yerdə “farmazon, farmazon” səsi eşidir. Sudya axırda labüdd qalıb istefa verib, Rusiya şəhərlərinin birisinə baş götürüb getdi. * * * Seyidlər ocağı Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır. Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir. Dini ehtiyaclarımızın rəfi üçün mahir vaizlər, risalələr, mərsiyəxanlar, seyidlər və dərvişlər göndərir. Xülasə, Allah abad eləsin və bəd nəzərdən mühafizə etsin, yaxşı vilayətdir. Hətta müsəlman qardaşlara söylədiyim mətaın artıq lüzumunu nəzərə alaraq xüsusi seyid, rövzəxan, vaiz, mütrüb və dərviş fabrikləri təsis olunubdur. Götürək, məsələn, Kukəməri. Bu yerin əhalisi tamamən seyiddirlər. Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Qalanları hamısı dağılıblar vilayətlərə. Kəndbəkənd, şəhərbəşəhər, məscidbəməscid, təkyəbətəkyə gəzib xüms toplayırlar. Və ildə bir dəfə evlərinə qayıdıb ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib yenə gedirlər qazanc dalınca. Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid: biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Bunlar hərçi gəzirlər, əllərinə bir şey düşmür. Məscid həyətində mat, məyus hər İki yoldaş dizlərini qucaqlayıb, yaman günlərə düşdüklərinə ağlayıb dərdlərinə çarə fikir edirlər. Seyid Əhməd deyir: – Canım, demək olmaz ki, camaat dindən çıxıb, mollanı, seyidi, mərsiyəxanı unudubdur. Dörd yana baxırsan: hamı mömin və dindardır. Mən iki dəfə bu şəhərə gəlib hər dəfəsində vətənə bir ətək pul aparmışam. Vətəndə iki yaxşı bağ almışam. İndi nə olubdur ki, camaatın gözü bizi görmür? Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Məhz bizim bəxtimiz yoxdur. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Nə qədər çalışsan, nə qədər nəfəs döyüb, “ya cədda” deyib boğazını yırtsan, bəxtin ki, olmadı, heç bir mətləbə nail olmayacaqsan. Mənim başıma bir fikir düşüb, gəl onu da imtahan edək. Bu da tutmasa, qayıdaq vətənə, bir ildən sonra dübarə buraya müraciət edərik, bəlkə bəxtimiz açıla. – Söylə görək başına gələn nə fikirdir? – Yaxşı olar ki, həvalidəki dövlətli kəndlərin birində bir ocaq binası qoyaq. Əyləşək orada. Camaat nəzirdən, sədəqədən, halvadan gətirsin, biz də rahət yaşayaq. Gecə sübhədək İki yoldaş baş-başa verib tədbir tökdülər. Sübh Seyid Əhməd ağacını və xurcununu götürüb “ya Əli, səndən mədəd!” deyib yola düşdü. * * * “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Camaatı varlı, dövlətli, dindar, rövzəxanpərəst. Camaatın həştad faizi hacı, kərbəlayı və məşədidirlər. Məhərrəm və ramazan aylarında rövzəxan kənddən əskik olmaz. Özləri də hər rövzəxanı bəyənməzlər. Gedib şəhərdən on, on beş rövzəxanın içindən birini seçib gətirərlər. Və yaxşı pul ilə də razı edib yola salarlar. Hər cümə camaat məscidə cəm olub, camaat namazı qılıb axundun vəzinə qulaq verirlər. Cümə günü məscid camaat ilə dolu idi. Qapıda tanış olmayan bir “ya cədda!” səsi eşidildi. Camaatın hamısının nəzəri qapıya döndü. Seyid Əhməd ayaqyalın, sinəaçıq, başına döyə-döyə məscidə daxil oldu. Minbərə yaxınlaşıb dedi: – Əyyühənnas! Bura Seyid Səməd adlı bir şəxs gəlməyibdirmi? – Xeyr, gəlməyibdir. Gəlsə idi bilərdik. – Heyhat, heyhat! Məgər mənim röyam səhv imiş. Məgər mən elə günahikəbirə mürtəkib olmuşam ki, cəddim məndən üz döndərib, mən səhv röyalar görürəm! Vay mənə! Vay mənə! Belə deyib seyid başladı şarpaşarp təpəsinə çırpmağa... Axund yerindən qalxıb seyidin qollarını tutub saxladı. – Ağa seyid, sakit olun! Nə vaqe olubdur ki, özünüzə belə cəza verirsiniz? – Mən bədbəxt! Mən naümid, mən fələkzədə!.. – Bircə buyurun görək nə vaqe olubdur? Seyid ağlar gözlə başladı: – Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Buyurdu: “Ey mənim bədbəxt oğlum, sənin yeddinci baban Seyid Səfa “Uzunqulaqlı” kəndində İki yüz əlli il bundan müqəddəm mədfun olubdur. O, mömin, kəşfikəramət sahibi bir vücud idi. Bundan əvvəl, hamı dərdlər, mərizlər, şikəstlər, məyublar onun qəbrindən dərdlərinə dərman alardılar. O qəbrin İndiyədək məchul qalması övladına eyibdir. Əlbəttə; sabah yola düşərsən “Uzunqulaqlı” kəndinə. Səninlə bir vaxta mənim övladım da Seyid Səməd adlı bir nəfər Ərdəbildən haman “Uzunqulaqlı”ya varid olacaq. Onunla bahəm gecə yarısından sonra kəndin ətrafına çıxıb gəzərsiniz. Qəbr özü özünü nişan verər. İndi mən gəlmişəm. Seyid Səməd yoxdur. Məgər mən gördüyüm röya vəsvəsə imiş, xəyalət imiş! Vay mənə va müsibəta!..” Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Axund onu bir növ aram edib evinə təklif etdi. – Buyurun, bizim mənzildə bir qədər rahat olun, yəqin aclığınız var! – Yox, mən acından ölərəm, amma Seyid Səməd gəlməyincə dilimə çörək və su vurmaram. Bu halda məscidin qapısından vəhşiyanə bir səs ilə “ya cədda” eşidildi. Tamam camaat nəzərini qapıya tərəf döndərdi. Seyid Əhməd Seyid Səmədi görən tək camaatı basabasa ona tərəf yüyürdü. Məscidin ortasında bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Seyidlər ağlayırdılar, camaat da bir sürü qoyun tək ağız-ağıza verib salavat çəkirdilər. Axşam seyidlərin hər İkisi axund evinə qonaq getdilər. Kəndin ağsaqqallarından da neçə nəfər cəm olub gecə yarısına kimi söhbət etdilər. Məlum oldu ki, Seyid Səməd də haman gecə durub “Uzunqulaqlı”ya gəlibdir. Gecə yarısı camaat dağıldı. Seyid Əhməd və Seyid Səməd üçün xüsusi bir mənzildə yorğan-döşək saldılar. Elə ki iki yoldaş tək qaldılar, Seyid Əhməd Seyid Səmədə dedi: – Dadaş, deyəsən qumarımız tutubdur. Bura bizim ölüb-qalan yerimizdir! Seyid Səməd cavabında dedi: – Bax indi gör ki, necə tədbirli şəxsəm. Belə tədbir heç kəsin ağlına gəlməzdi. – Kəndin adı “Uzunqulaqlı”, camaatı da uzunqulaq! İki seyid əmmaməni bir tərəfə, əbanı o biri tərəfə atıb bir qədər oynadılar. Axırı yıxılıb yatdılar. Bir ay bundan sonra ətraf camaatı hər gün seyidlərə nəzir, təsəddüq və xələt gətirmədə idi. Bir aydan sonra Seyid Əhməd dedi: – Bilirsən nə var? – Nə var? – Camaatın tərəddüdü azalıb. Xalq bu saat ocağın açılmasına müntəzirdir. Gərək bu gecədən işə şüru edək. – Çox əcəb, çox gözəl! Gecə yarısı İki yoldaş kəndin kənarına, qəbiristana tərəf getdilər. Kənd camaatı hamısı istədi onlar ilə müqəddəs qəbri axtarmağa getsinlər. Seyidlər razı olmadılar. Dedilər ki, sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır. Siz bizimlə getsəniz, biz qəbri tapa bilmərik. Gərək bizim anımızda bir zinəfəs olmasın. Camaat məyus evlərinə qayıtdı. Seyidlər getdilər. O yan-bu yanı çox gəzib, dolaşıb, axırda bir ölmüş eşşək sümükləri tapıb bir qəbir qazıb orada dəfn etdilər. Və səhər dəstə-dəstə gələn camaata göstərib dedilər ki, axtardığımız seyid qəbri budur. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı getdi. Çolaq gəldi, ayaqlı getdi. Kor gəldi, gözlü getdi. Seyid qəbrinin səsi cəmi qəzayə, hətta uzaq ölkələrə də yayıldı. Ocağın kəramətinə seyidlər özləri də məəttəl qalmışdılar. Qanuni-təbiətdir. Biri quru ağaca, ya bir daşa sidq ilə inanıb bir mətləb söyləyəsən, yəqin alarsan. Belə ağaclar və daşlar Məşriq-zəmində çoxdur. Bu vaqiədən bir il keçdi, bir gün Seyid Əhməd dedi: – Seyid Səməd, bilirsən nə var? – Xeyr, bilmirəm. – Mən istəyirəm bir vətənə gedim. Şükür olsun Allaha, qumarımız tutub, yaxşı pul qazanmışıq! Xudavəndi-aləm bu camaatın qulağını bir az da uzatsın. Mən bir-İki aylığa gedim, arvad-uşağa baş çəkim; sən də mən gəlincə əyləş burada mücavirlik et! Mən qayıdandan sonra da sən vətənə gedərsən. Amma bir şərt var: gərək mən qayıdandan sonra mənimlə həlal haqq-hesab çəkəsən. Ocağın mədaxilinə xəyanət etməyəsən. Seyid Səməd söz verdi ki, onun mədaxilindən bir quruş o yan-bu yan eləməsin. Seyid Əhməd getdi. Seyid Səmədə təklik əl verməyib on altı, on yeddi yaşında bir qız siğə eləyib, ocağın qırağında əyləşdi. Pul bir ucdan sel kimi gəlir, Seyid Səməd hər gecə cücə-plov bişirib nazlı arvadı ilə ağız ləzzəti ilə yeyir. İki ay tamam oldu. Seyid Əhməd səfərdən müraciət buyurdu. Bir-İki gün yorğunluğunu alandan sonra Seyid Səmədi çağırıb haqq-hesab istədi. Seyid Səməd bir dəftər gətirib Seyid Əhmədin qabağına qoydu və dedi: – Olan mədaxil budur. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi və dedi: – Seyid Səməd, bu mədaxil keçmişlərə görə çox azdır. Gərək mədaxil nəinki İki belə, bəlkə bir az da artıq olaydı. Yəqin burada bir qədər pul yaddan çıxıb yazılmayıb. – And olsun cəddimə, Qurana, yoldaşlıqda yediyimiz çörəyə! And olsun atam Seyid Qurbanəlinin goruna, burada bir həbbə o yan-bu yan olmayıb. Seyid Əhməd dedi: – Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxardasan. – Baş üstə, istəyirsən Qurana əl basım. – Yox, Quran lazım deyil. Degilən: and olsun bu qəbirdə yatana ki, bu haqq-hesabda nöqsan yoxdur! Seyid Səməd fikrə getdi. Bir azdan sonra başını qaldırıb dedi: – Seyid Əhməd, bilirsən nə var? – Xeyr, bilmirəm. – Bu qəbirdə yatanı sən də bilirsən, mən də. Bununla belə, and içməyəcəm. Həqiqət haqq-hesabda bir neçə məbləğ qələmdən düşüb. Bunu deyib həqiqi haqq-hesabı göstərdi. Seyidlər öpüşüb, yenə ticarətlərinə məşğul oldular. * * * Qəndil Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi. Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı? İşdir, bu gün şikayət etsə, sabah özü güllələnib, malı qarət olub, evi odlanıb, qızları, arvadları dağlara çəkiləcək idi. İskəndər bəyin hər əmrinə hazır olanlar, ehtiyaclarını onun vasitəsilə rəf edərdilər. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində İskəndər bəy dağlarda padşahlıq edirdi. Üç yüz evdən ibarət olan kəndin camaatı onun əlində əsir idi. Sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş İkimərtəbəli sarayında oturub, hər tərəfə fərman göndərirdi. Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. İskəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yox idi. Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib, ondan izn almaq məcburiyyətində idi. Bəy razı olmasa, evlənmək mümkün deyildi. Əmrdən boyun qaçıran özünü ölmüş bilməli idi. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. Gərək südünü aparıb bəyin pendir zavoduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Kənd əhalisindən bir nəfər kənara bir kasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib onun qapısındakı qaramalın hamısını güllə ilə qıracaqdı. Beləliklə, İskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Atalar deyiblər: “Hər yoxuşun bir enişi olar”. Iskəndər bəyin də başındakı tacı həmişəlik durmayacaqdı. Zəmanə dolandı. Şura hökuməti dağlara tərəf üz qoydu. İskəndər bəy partizan dəstələri və Qızıl Ordunu əlsiz-ayaqsız kəndlilər kimi hesab edib mümaniət göstərdi və neçə gün dağlardan ordunun başına od yağdırdı. Axır davam edə bilməyəcəyini düşünüb, evinin dəyərli xırda-parasını, atlarının yaxşılarını götürüb, yanındakı atlılar ilə birlikdə gecə vaxtı sərhədi addayıb qaçdı. Sübh Qızıl Ordu kəndə daxil oldu. Camaat ata-baba adətləri üzrə, duzçörək ilə ordunu pişvaz edib şadlıqdan bir neçə qurban kəsdilər. Bir nəfər qoca kişi ordunun komandanına tərəf gedib, birdən onun boynunu qucaqlayıb ağladı. – Ayaqlarına qurban olum, ay oğul; gəldiyin yollara qurban olum, ay oğul! – deyə saqqalı uzunu göz yaşı axıtdı. – Nə yaxşı gəlib bizi qaniçənin, bu vəhşi canavarın əlindən xilas elədin. Cavan komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Qocanı qucaqlayıb dedi: – Ağlama, dayı, daha bundan sonra sizə əziyyət, azar verənləri görməzsiniz. Onlar həmişəlik ölüb sizin aranızdan çıxdılar. Bundan sonra öz zəhmətinizin faydasını özünüz aparacaqsınız. Qoca bir də onu qucaqlayıb kənara çəkildi. Cavanlar ordunun arasına doluşub qızıl əsgərlərlə söhbət edib gülüşürdülər. Axırda gedib bir dəstə aşıq gətirib, axşama kimi çalıb, qızıl əsgərlərlə oynayıb şadlıq elədilər. Komandan İskəndər bəyin evinin qapısına möhür vurub qaraul qoydu. O biri gün sübh camaatı çağırıb bəyin evinin qabağına topladılar. Ordu ilə gəlmiş bir cavan oğlan çıxıb bir uzun nitq söylədikdən sonra dedi: – Yoldaşlar! Iskəndər bəyin tamam varı-dövləti sizin alnınızın təri ilə, əlinizin qabarı ilə düzəlibdir. O səbəbə, hökumət onun evində olan şeylərin hamısını camaata paylamağı qərara almış, hər kəs növbət ilə gəlib xahiş etdiyi şeylərdən apara bilər. Camaat: “Yaşasın təzə hökumət” deyə qışqırdı. Camaat növbətlə gəlib, qazandan-qabdan, yorğan-döşəkdən.. alıb aparırdılar. Birdən camaatın arasından bir cavan qadın irəli gəlib dedi: – Yoldaş! Xahiş eləyirəm, ancaq o tavandan asılmış qəndili mənə verəsiniz. – Bacı, qəndil sənin nəyinə lazımdır? Bu sizin daxmalara yaramaz; qabdan, qazandan, samavardan... sair kəndliyə yarayan şeylərdən götür. – Yox! Yalvarıram sənə! Amandır! Bu evdən mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər. Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. Oğlan cəld onu qaldırıb, əmr etdi ki, tavandan asılmış beş çıraqlı qəndili düşürüb ona versinlər. Qadın qəndili alıb, iki dəfə ah çəkib dedi: – Ax, arzuma çatdım! Birdən qadın, sifəti qan kimi qızarmış, gözlərindən alov saçaraq, üzünü camaata tutub dedi: – Camaat! Bir il bundan qabaq mənim atam, İskəndər bəyə bir inək peşkəş gətirib məni ərə verməyə izin istədi. İskəndər bəy qulaq asıb dedi: – Mən eşitmişəm sənin qızın çox gözəldir. Mən necə izin verim ki, armudun yaxşısını ayı yesin? Elə gözəl qızı çirkli bir kəndli aparsın? Bu inək mənə lazım deyil; götürüb apararsan evinə. Bu gecə gərək qızını mənə qonaq göndərəsən; ondan sonra hər kəsə istəsən verə bilərsən. Atam yalvardı, yaxardı, ağladı, ayaqlarına süründü. Qulaq verməyib döyüb qovdu. Yazıq kişi məyus evə gəldi. Istədi məni götürüb uzaq kəndlərin birinə qaçırtsın, bəyin atlıları qapını kəsdirib atama imkan vermədilər. Gecə neçə nəfər gəlib atamın, anamın əl və ayaqlarını bağlayıb, yerə yıxıb, məni apardılar. Bəy məni həmin bu otağa çəkib yırtıcı canavar tək qucaqlayıb, çarpayının üstünə yıxdı. Mən nə qədər yalvardım, ağladım, əziz ölənlərinin goruna and verdim, heç zad ona əsər eləmədi. Bu qəndilin çıraqlarının beşi də yanıb evi gün kimi eləmişdi. Mən, gördükdə ki, bu canavarın əlindən qurtara bilməyəcəyəm, yalvarıb dedim: “İndi ki məni əldən qoymaq istəmirsən, barı mənim bircə təvəqqemi qəbul elə; bu çıraqları söndür”. Dedi olmaz, mən gərək bu çıraqların işığında səninlə istirahət eləyim... İndi bəy qaçıbdır, mənim ona əlim çatmır, qısasımı bu qəndildən alacağam. Belə deyib, qadın yügürək balkona çıxıb oradan qəndili dərənin təkinə buraxdı və dedi: – Arzuma çatdım. Bu evdən mənə başqa şey lazım deyil, istəmirəm buradan apardığım şey gözümün qabağında durub, o murdar gecəni hər dəqiqədə mənim xəyalıma gətirsin. Sağ olun, yoldaşlar! Qadın oradan çıxıb qəhrəmantək evinə getdi. * * * Çeşmək Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı. Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi. Hər vaxt gəlsə idin, masasının üstünü qəzetlərlə dolu görərdin. Dost, aşnalar çox vaxt onun yanına xüsusən qəzet oxumağa gedərdilər. Mahmud bəyin əziz dostlarından Mirzə Əhməd, bir gün əyləşib, gözündə Mahmud bəyin çeşməyi, bir-İki saat qəzet oxuyandan sonra durub xudahafiz edib gedir. Əhməd bəy gedəndən sonra, Mahmud bəy çeşməyi masanın üstündə görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola. O saat nökəri, Əhməd bəyin dalınca çeşməyi gətirmək üçün qaçırdır. Lakin nökər gedəndən sonra, Mahmud bəy qəzetləri aralayıb çeşməyi qəzetlərin altından tapır. Nökər gəlib Əhməd bəyin qapısını döyür. Əhməd bəy çıxır: – Qapı döyən, kimsən? – Mənəm, Abbasqulu, Mahmud bəyin nökəri. – Nə var, Abbasqulu! Xeyirdimi? – Xeyir olmamış nə var. Bəyin çeşməyini götürmüşsünüz. Ağam deyirdi versin. – Get ağana deyilən: qabaqca bir masanının üstünü axtarsın, sonra səni göndərsin. Çıx get. Məndə çeşmək-filan yoxdur. Nökər qayıdıb əhvalatı ağasına yetirir. Mahmud bəy hərçənd çeşməyi tapmışdı, bununla belə, təfrih üçün dostu Əhməd bəyi bir növ dilxor etmək fikrinə düşür. Pəncərənin qabağında durub küçəyə baxarkən, gördü Əhməd bəyin oğlu Mehdi gedir. O saat dayandırır: – Mehdi, sən Allah, evə çatan kimi atana deyilən mənim çeşməyimi göndərsin. Mehdinin dalınca Əhməd bəyin qonşusu tarzən Qulunu görür. – Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını taqqıldat. Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin. Xülasə, o gün üç, dörd adamdan və sabahı günü yenə də bir dörd, beş adamdan sifariş edib Əhməd bəydən çeşmək istəyir. Üçüncü gün Əhməd bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl bir az çırtıq çalıb oynayır, sonra deyir: – Sabah gedirəm vağzala, oradan da o yana gedirəm. Hər nə bilirsən bundan sonra elə! Bir-iki stəkan çay içəndən sonra Əhməd bəy durub gedir. Mahmud bəy əyləşib, Əhməd bəy gedəsi yolda olan cəmi dost-aşnalarına məktublar yazıb, haman axşam yola düşən faytonlarla göndərir. O biri gün Əhməd bəy bir fayton tutub şəhərdən çıxır. Birinci mənzilə çatan tək baqqal Kosa Baxşalı gəlir: – Əhməd bəy, salaməleyküm. – Əleykəssalam, kefin necədir? – Niyə, sizin dövlətinizdən... Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz ki? – Bir gün irəli görüşdük. Necə? – Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək; əlbəttə, mənim çeşməyimi ondan alıb göndərəsən! Əhməd bəy, ovqatı təlx olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə qoyub gəlmişəm. Kosa Baxşalı inanar-inanmaz gedir. Faytonçu atlara bir az arpadan, sudan verib qoşub yola düşür. İki-üç saat yol getmiş, görür ki, bir atlı daldan sürətli “dayan, dayan!” – qışqıra-qışqıra gəlir. Faytonçu dayanır, atlı yetişir. – Faytonda gedən Əhməd bəy deyilmi? – Bəli! – Salaməleyküm. Bağışlayın, Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud bəyin çeşməyi var. Yazıbdır ki, kor kimi qalmışam. Nə kitab oxuya bilirəm, nə də yazı yaza bilirəm. Əhməd bəy yəqin sizin evin yanından ötəcək. Mənim çeşməyimi ondan alıb bir adam ilə göndərəsən. Əhməd bəy and içib bunu da inandırır ki, bu, zarafatdır. Onda çeşmək yoxdur. İkinci mənzildə Əhməd bəy faytondan düşüb bir nəfər aşnasını görmək üçün bazar gedir. Nalbənd Paşa at ayağına mıx çaldıqda bunu görüb əlini saxlayır. – Bağışlayın, siz Əhməd bəy deyilmisiniz? – Mənəm, necə? – Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa, ver, gedən adam var, göndərim. Əhməd bəy qeyzdən daha özünü saxlamayıb deyir: – Mahmud bəy də qələt eləyir, sən də. Pəhmətlik uşağı, qoymazsınız yolumuzla gedək cəhənnəmə? – Bəy, haraya gedəcəksən, get, sözüm yoxdur; daha mənim təqsirim nədir, üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki, vermədi. – Yazgilən vermədi! – Baş üstə! Əhməd bəy nalbənd Paşadan ötüb aşnasının dükanına gəlir. Aşnası əvvəl bununla görüşdükdə Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy çatır vağzala. Karvansaranın qabağında dayanan tək, karvansaraçı Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən sonra Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən yoldaşlıqda bir zarafatdır. Bir neçə gün Əhməd bəyi dİndirən olmur. Bir gecə yatdığı zaman, görür qapını bərk çırpırlar. Qapını açıb görürlər açıqkəndli Səməd yüzbaşıdır. – Səməd yüzbaşı, bu gecəyarısı xeyirdimi? – Əhməd bəy buraya düşüb? – Bəli! – Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim. Əhməd bəy dəli kimi yerindən qalxır. – A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim? Səməd yüzbaşı da hər adamdan söz saxlayan deyil. Cavabında deyir: – Həpənd oğlu sən özünsən. Mahmud bəy kimi dağdan ağır kişi məgər yalan yazır; yainki mən uşağam ki, bu gecə yarısı iyirmi verst at sürdürəm? Çox danışmaq lazım deyil. Dinməz, söyləməz çeşməyi bu saat ver. Yoxsa almamış yaxandan əl götürmərəm. Bir qədər də göftgudan sonra, Səməd yüzbaşını çağırırlar evin içinə. Yorğan-döşək verirlər, yatır. Sübh Əhməd bəy deyir: – Səməd yüzbaşı, məndə çeşmək, filan yoxdur. Bəlkə səhvən götürüb evdə qoymuş olam. Oğluma yazaram tapıb aparıb versin. Beləliklə bir növ onu sakit edib yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə gedir, çeşmək istəyirlər. Gəncəyə gedir, həmçinin, Bakıya, həmçinin. Axır labüd qalıb baş götürüb Türküstana qaçır. Burada İki il qalır. Daha Türküstanda onu dİndirən olmur. İki ildən sonra yenə qayıdar Qafqaza, şəhərə getməyib, Aclar kəndinə gedib Abbas bəyin evinə düşür. Qış gecələrinin birində Əhməd bəy və Abbas bəy buxarı kənarında əyləşib turac kababı yedikləri halda, görürlər qapı açıldı. Bir nəfər başı, gözü sarıqlı girdi içəri. Bu adam başlığını başından açınca tanımır. Sifəti açılanda görürlər ki, bu, sövdəgər Məşədi Dadaşın qardaşı Ələkbərdir. Ələkbər hərçi istəyir salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev sahibi qalxıb tez onun qolundan tutub, gətirib buxarının qırağında əyləşdirir. Bir azdan sonra Ələkbərin dili açılır. Ev sahibi soruşur: – Ay Ələkbər, bu qiyamətdə nə düşübdür sənə bir belə yol at sürüb gəlmisən! Xeyirdirmi? Ələkbər dili güclə söz tutaraq, ancaq bu cavabı verə bilir: – Çe... çe... çe... çeşmək! Bu keyfiyyət Əhməd bəyi bilmərrə halətindən çıxardır. Qalxır, başlayır otaqda o baş-bu başa getməyə: – Rəhmətlik oğlu! Zarafat bir gün olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı. Türküstana qaçdım, olmadı... Mən başımı götürüb dünyadan da ki, qaça bilmərəm. – Ələkbər, qadan alım, Mahmud bəyi tanıyırsan. Budur iki ildən artıqdır, mənimlə bir çeşmək zarafatını başlayıb, sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm şəhərə, özü ilə görüşüb bu məsələni qurtararam. Ələkbər heç vədə inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam, bu qışın qiyamət günündə ona on-on beş verst yol at çapdırsın: nədir, mənim Əhməd bəylə zarafatım var. Yəqin etdi ki, həqiqət Əhməd bəy onun çeşməyini götürübdür və İndi də ki, şəhərə gedir. Yəqin hesablaşar. Səhər Əhməd bəy çay içib şəhərə rəvan oldu. Mahmud bəy günorta, nahar etdiyi zaman bir də gördü ki, Əhməd bəy qapıdan girdi. Onun qabağına gedib həmişəki kimi başladı çırtıq vurub, atılıb oynamağa, amma gördü ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə cavab vermir. Birdən Əhməd bəyin gözündən yaş cari oldu və dedi: – Ay canım, belə də zarafat olarmı? Bir-İki dəfə zarafat etdin, kifayətdir. Bütün dünyanı mənim başıma təng etmisən... Mən bədbəxtdən nə istəyirsən? Səni and verirəm balalarının canına, atanın goruna, bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən əl çək. Qoy rahat gora baş aparım. Mahmud bəy söz verdi ki, bundan sonra onunla işi olmasın. Ancaq dedi: – Sən buradan gedəndə dedin: nə bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun canına, çeşmək sözünü dilimə də gətirmərəm. Gəl öpüşək, barışaq. Mahmud bəy və Əhməd bəy qucaqlaşıb öpüşdülər və əyləşib bir yerdə nahar etdilər. Əhməd bəy getdi. Mahmud bəy, doğrudur, bu gündən ondan əl çəkdi, daha çeşmək sifarişini ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə yayılmışdı. Dükanlarda, bazarda, yığıncaqlarda ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək əhvalatından başqa bir söhbət yox idi. Əhməd bəy bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəbti-dimağ olub. Doğrudur, bunu öz ailəsindən sivay görən yox idi, amma hamı bunu doğru bilirdi. Axır günlər, Əhməd bəy evinin üstündə çəkilən səlat, onun vəfat xəbərini şəhər əhlinə yetirdi. Camaat hər yerdən dəstə-dəstə onun təşyii-cənazəsi üçün cəm oldular. Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib başına döyən Mahmud bəy idi. Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi. Başına hava gəlib. * * * Haqq Mövcud Qara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi... Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi: – Haqq mövcud! Haqq mövcud! Bu səbəb onun adına hamı “Haqq Mövcud” deyərdi. Uşaqlar onu küçədə görəndə hər biri bir yana qaçıb dağı ardı. Analar uşaqlarını qorxuzmaq istəyəndə deyirdilər: “Odur, Haqq Mövcud gəlir”. Yainki “Haqq Mövcud, gəl bunu apar!” Uşaq nə qədər ağlağan olsa idi, fövrən sakit olardı. Nəinki uşaqlar ondan qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər. Hər bir evə getsə idi, əlbəttə, ona pul verərdilər və deyərdilər ki, onu əliboş yola salmaq ailəyə bədbəxtlik gətirər. Dərviş pulu alıb, “Haqq mövcud!” deyib gedərdi. Boynundan asdığı ağır zəncirin nə olduğunu hər kəs soruşsa idi, cavab bu olardı: – Haqq mövcud! Xalq, “Haqq Mövcud”un bir kəramət sahibi olduğuna şəkk etmirdi. Biri deyirdi cadugərdir; biri – sahirdir; biri – kimyagərdir... Xülasə hərə bir ad qoyardı. Hətta deyirdilər ki, ona itlər hürmürlər. Qapılarda toyuqlar, küçələrdə quşlar onu görəndə qaçmırlar. “Haqq Mövcud” məscid həyətində bir pəncərədə əyləşərdi. Məsciddə təhsil edən tələbələrdən birisi öz gözü ilə sərçələrin hər gün gəlib. “Haqq Mövcud” un mənzilinə dolub onun dörd ətrafında atılıb-düşdüklərini görmüşdü. Tələbə yəqin etmişdi ki, “Haqq Mövcud”un şəyatin ilə əlaqəsi var və ətrafında atılıb-düşüb cükküldəşən sərçələr heç bir şey deyillər, məgər inki əcinnə və şəyatin. Qalan tələbələr də hamısı buna inanmışdılar. Bəzi ovqat neçə günlərlə “Haqq Mövcud”un qapısından qıfıl asılmış görərdilər. On-on beş günlərlə itirdi. Heç yerdə onu “gördüm” deyən olmazdı. Kimi deyərdi ki, yəqin mağaraların birində riyazətə əyləşib. Amma axund və mollalar sərsəm xalqı inandırırdı ki, bu günlərdə gecə xoruz banlayan zaman kimya otu işıq verər və onu da ancaq əhli-təqva görər. “Haqq Mövcud” da əhli-təqva olduğundan yəqin kimya otu axtarır. Axund əlavə edirdi ki, bunu özündən demir. Bu fəqərəni Mir Damadın “Məcməül-kəramat”ından və həkim Findirskinin “Kitabi-sirrülxəfiyyatı” nda görüb. Axund molla Sərsəm nüfuzlu bir vücud olduğundan hamı inanmışdı. Buna ürəkdən etiqad edənlərdən biri də nüsxəbənd Məşədi Əkbər olmuşdu. Bu şəxs, nüsxəbənd olduğundan özünü elmi-kimyaya dara hesab edirdi. Kimya yolunda, yəni dəmiri və misi qızıla döndərmək yolunda çox paralar sərf etmişdi. Kimya otunun müəyyən gecələrdə işıq verməsini o da Mir Damadın və həkim Fİndirskinin kitablarından oxumuşdu. Hətta neçə gecə gedib meşədə qalmışdı. Əhli-təqva olmadığından onu tapa bilməmişdi. Məşədi Əkbər axundun mübarək dilindən bu sözləri eşidib, “Haqq Mövcud” ilə dostlaşıb ondan kimyagərlik öyrənməyi qərara aldı. “Haqq Mövcud”u neçə dəfə Məşədi Əkbərin evinə gəlib-gedən gördülər. Məşədinin bir növ elmi-kimyadan başı çıxdığını bilib yəqin etdilər ki, Məşədi “Haqq Mövcud”dan kimya öyrənir. Günlərin bir günündə “Haqq Mövcud” yenə yox oldu. Neçə gün qonşular onun Məşədi Əkbərin evinə tərəddüdünü görmədilər. Məşədi Əkbərin qonşusu bir dəfə ondan xəbər aldı: – A Məşədi, bu “Haqq Mövcud” görəsən yenə necə olub. Heç görünmür? Məşədi bu sözü kinayə hesab edib dedi: – Mən nə bilim necə olub! Onun peşəsi aylarla itib yenə üzə çıxmaqdır. Bir də görəcəksən çıxdı bazara. Bir də bunu məndən soruşmağın mənası nədir? Mən “Haqq Mövcud”un tay-tuşu deyiləm, yoldaşı deyiləm. Məşədi belə güman edirdi ki, “Haqq Mövcud”un bunun evinə gəlibgetdiyini heç kəs bilmir. Amma bizim şəhər elə şəhərlərdən deyil. Gecə xəlvət birisi arvadı ilə bir söhbət edə, sübh onu tamam əhali bilər. Belə camaatdan “Haqq Mövcud” filan gizlətmək olmaz. “Haqq Mövcud”un itmək söhbəti bu dəfə şəhərdə özgə bir vəziyyət aldı. Söhbət arasında əhalidən biri zarafatla arvadına dedi: – Yəqin Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənəndən sonra onu öldürüb ki, kimyanı başqa adama öyrətməsin. Arvad səhər hamamda halvaçı arvadı Xan Sənəmi görüb dedi: A qız, Xan Sənəm, bir söz deyirlər axı... Deyirlər Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb. – A qız, o, onu nə eləcəyək öldürüb: “Haqq Mövcud” bir yoxsul, dilənçi dərvişdir. Onu da öldürərlərmi? – Axır o, kimya bilirdi. Məşədi Əkbər ondan kimyanı öyrənib, sonra da öldürüb. – Bax, bu ağıl kəsən işdir! Xan Sənəm xala Fatma Nisaya söylədi. Fatma Nisa Əmir Alı oğlu Ələsgərin arvadı Gülxanıma dedi. Gülxanım Pərnisaya, Pərnisa Cahanbanıya, Cahanbanı yuyucu Allahyetərə, yuyucu Allahyetər Qəzet Mələyə. Xülasə, bu xəbər tamam şəhərin arvadlarının arasına yayıldı: – Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənib, sonra da öldürüb. Axır bunu da bilmək lazımi oldu ki, öldürəndən sonra onun nəşini nə eyləyib? Biri dedi: “Zirzəmidə basdırmış olacaq”, biri dedi: “Dövlətli adamdır, qoyar bir çuval içinə, göndərər şəhərdən çölə; bir yerdə basdırarlar”. Biri dedi: “Yox, nə lazım basdırmaq, tək adam bacarmaz. Şəhadət yanında da basdırsa axırda üstü açılar. Mən bilirəm. Yəqin onu öldürüb bədənini də təndirə basıb yandırıb. Ayrı cür heç ola bilməz”. Bu nəzəriyyə arvadlar məclislərində çox danışıldıqdan sonra mühəqqəq bir surət aldı və arvadların hamısı bir dil ilə deyirdilər: – Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb, bədəninin də təndirə basıb yandırıb. Hətta arvadlardan neçə nəfər nəql edirdilər ki, piyin qoxusundan Məşədi Əkbərin evinin yanından ötmək olmur. Məşədinin qonşusu bir arvad təkyədə ətrafında oturanlara nəql edirdi ki: – “Haqq Mövcud” axırıncı dəfə Məşədi Əkbərin evinə gələndən sonra, dörd-beş gün gecələr Məşədinin qapısından gələn piyin qoxusundan yatmaq olmadı. Yenə qabaqca güman etdik ki, qonşuda sabunxana açıblar. Amma soruşub bildik ki, qonşuda heç kəs sabun bişirmir. İy Məşədi Əkbərin həyətindən gəlir. Bu fikrə axırda kişilər də şərik oldular və başladılar Məşədi Əkbərə əyri baxmağa. Bir gün Məşədi Əkbər dükanında əyləşdiyi halda, qorodovoy gəlib xəbər verdi ki, pristav onu istəyir. Ömründə pristav qapısı tanımayan Məşədi Əkbər qalxıb dükanı bağlayıb qorodovoy ilə getdi. Bəzzaz Kərbəlayı Muxtar əhvalatı görüb, əttar uzunburun Xudaverdini səslədi: – Xudaverdi, aşnanı pristav apardı. “Haqq Mövcud”un kimyasını burnundan tökəcəklər! Uzunburun Xudaverdi gülüb, cavab verdi: – Bəs günahsız bir yazıq dərvişi öldürəsən, onun qanı yerdə qalarmı? Pristav, Məşədi Əkbəri görən tək öz kabinetinə çağırıb qapını bağladı. Otaqda ancaq iki nəfər qaldılar. Pristav əyləşib və Məşədi Əkbərə də yer göstərib dedi: – Məşədi, siz özünüz bilirsiniz ki, mənim nə qədər sizdən razılığım var. Xüsusən sizin həmişə öz kəsbinizdə olub başı aşağı, namus ilə çörək qazanmağınız, hökumətin əmrlərinə ürəkdən tabe olmanız, bir para hökumət əlində olan cəmiyyəti-xeyriyyələrdən pulu müzayiqə etməməyiniz həmişə ümənayi-dövlətin iltifatına sizi nail edib. Mən sizə zəhmət verib buraya çağırmışam, amma nə etməli. Doğrudur, çox da xəcalət çəkirəm; çünki mənim boynuma qoyulmuş vəzifə çox ağır vəzifədir. Amma bağışlayasınız, qulluq əmrinə itaət də bizim borcumuzdur. Şəhərdə gəzən şayiatdan müxbirsiniz və mənə də əmr olunubdur ki, sizi danışdırıb bəratülqövl yazıb silisçiyə göndərim. Bizə məlumdur ki, “Haqq Mövcud” deyilən dərviş axır vaxtlar sizing evinizə gəlib-gedirmiş və bunu da sizin qonşularınız hamısı görübdür. Avqust ayının beşində haman dərvişin sizin evinizə gəldiyini görüblər; amma qayıdıb getdiyini görən olmayıb. Haman gündən dərviş “Haqq Mövcud” itibdir. Mən yəqin etmişəm ki, dərviş “Haqq Mövcud”un itməyinin, sizə gəlib-getməsi ilə əlaqədarlığı yoxdur. Bəhər hal, siz tək möhtərəm şəxsə bu ləkəni üstünüzdən rədd eləmək vacibdir. Ona görə xahiş edirəm bu xüsusda bir izahat verəsiniz. Pristav bir varaq kağız götürüb, qələmi əlinə alıb yazmağa hazırlaşdı. Pristav, Məşədi Əkbərin oğlunun ölüm xəbərini, ya bankda yatan pullarının batmasını xəbər versə idi, bir belə əsər etməzdi ki, bu sözlər onu yandırdı, dedi: – Ağa pristav, şəhərin arvadları ağızlarını avara qoyub gündə bir gecə vaqiədə gördüklərini həqiqət hesab edib boş şayiələr buraxacaqlar, siz də ona qiymətmi verəcəksiniz? Mən sizi inandırıram ki, “Haqq Mövcud” ölmüyüb, görəsən qəzaların hansına gedib. Bir də görəcəksiniz ki, odur bazarda gəzir. Siz mənə on gün möhlət verin, mən “Haqq Mövcud”u yer deşiyindən də olsa ölüsünü, ya dirisini qulluğunuza pişnihad eləyim. Pristav cavab verdi ki: – Mən sizi danışdırıb bəratülqövl bağlamağa məcburam və hətta bunu sizə birdən demək istəmədim. Gərə sizi buradan qorodovoylar silisçinin qulluğuna aparsınlar. “Silisçi” sözündən Məşədinin az qaldı dili tutulsun. Başladı yalvarmağa: – Pristav ağa, mən şəhərdə bir abır sahibiyəm. And olsun sizin əziz başınıza, getdiyim Məşhədi-müqəddəsə, mən, mənə isnad verilən yolların adamı deyiləm. Pristav, Məşədi Əkbər tək girinə keçmiş yağlı qoyunu, əlbəttə, asanlıqla buraxmayacaqdı. Dedi: – Məşədi, mənim sizin təmiz, mömin, müqəddəs bir şəxs olduğunuzda şəkkim yoxdur. Nə etməli, əmrə taət etmək mənim vəzifəmdir. Yoxsa məni qulluğumdan xaric edib məhkəməyə verərlər. Təvəqqe edirəm izahat verəsiniz. Məsələsinə arif, həmişə öz təklifini bilən Məşədi Əkbərin sağ əli getdi arxalığın cibinə və pristav da zənn ilə gözlərini dikdi onun əlinin hərəkətinə. Bir azdan sonra əl, cibindən çıxdı və bir dəstə əsginas pristavın masasının üstünə qoyuldu. Pristav masa üstünə qoyulanın nə olduğunu gördüsə də, yenə Məşədinin gözünün içinə baxıb soruşdu: – Bu nədir? – Bir şey deyil, cənab! Mən sizdən təvəqqe edirəm: bu pulu göndərərsiniz qubernatorun hərəminə. Xeyriyyə işlərinə xərc olunmaq üçün. Mənə də bir az möhlət verəsiniz, mən qəzalara adam saldırım, “Haqq Mövcud”u harada olsa tapıb gətirsinlər. – Bunu mən qəbul edirəm: bu saat bir qəbz yazıb sizə verərəm. Pristav stolun qutusunu açdı. Məşədi onu dayandırdı: – Zəhmət çəkməyin. Sizin sözünüz mənim üçün qəbzdən artıqdır. İzin veriniz, qulluğunuzdan mürəxxəs olum. – Xoş gəldiniz. Sizə bir ay möhlət verirəm. Əgər bu bir ayın müddətində dərviş tapılmasa, məndən inciməyəsiniz! – Baş üstə, qəbulumdur. Allah sizi bu camaatın üstündən əskik eləməsin! Xudahafiz! – Xoş gəldiniz. Məşədi gəldi dükana. Bir az oturub getdi evinə. Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, “Haqq Mövcud”un ölüsünü, ya dirisini tapıb gətirsinlər. Bu fəqərədən neçə gün keçmiş şəhərin cavanlarından bir dəstə səyahət üçün şəhərin ətrafında məşhur bir bulağın üstünə gedirlər. Yeyib-içdikdən sonra cavanlar dağılırlar meşəyə bənövşə, sair çiçəklər dərməyə. Cavanlardan birisi meşənin qalın yerindən keçmək istədikdə ağacların arasından bir xorultu eşidir. Cavan, qabaqca güman edir ki, sürüdən ayrılmış donuzdur. Ağacların arasında dolaşıb, çıxmağa yol tapmır. Istəyir xorultuya tərəf getsin. Yenə ehtiyat edib yoldaşlarını səsləyir, yoldaşları cəm olurlar. Hamısı bir yerdə ağacları aralayıb, yeriyirlər qabağa. Bir az gedəndən sonra yoldaşlardan birisi səsləyir: – Kimsən, ay oradakı? Cavab gəlmir. – Kimsən? Cavab ver! Yoxsa vurdum. Birdən səs eşidilir: – Haqq Mövcud! Yoldaşlar “Haqq Mövcud”u çəkirlər eşiyə. – A kişi, neçə müddətdir burada nə qayırırsan? – Haqq Mövcud! Hər nə xəbər alırlarsa cavabında ancaq bunu eşidirlər: – Haqq Mövcud! Sübh camaat “Haqq Mövcud”u bazarda gəzən görür. Məşədi Əkbər onun qolundan yapışıb gətirir pristavın qulluğuna. – Buyurun, ağa. Bu da sizin “Haqq Mövcud”unuz! Bilin ki, mən adam öldürən deyiləm. – Məgər mən şəkk edirdim, Məşədi? * * * İt oyunu Qapısı daldan bağlı bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər. Biri N qəzasının afət və bəlası, sabiq prokuror Ivanov idi. İkincisi haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adı ilə analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi: – Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən? İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan İki qardaş quldurlar idilər. Şəhərdə pristavdan sivay heç kəsin əqrəbası yox idi. O idi ki, onun evindən hər gün xörək gələrdi. Pristav, xörəyin çox olduğundan prokuroru da qonaq eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı. Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tutub dedi: – Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki görürsünüz, bir vaxt N qəzasının bəlayi-nagəhani idi. Nə etməli ki, indi təqdiriqəzdan mənim bozbaşıma möhtac olub. Mən bunun başına, osmanlılar demişkən, “tam mənası ilə” bir it oyunu gətirdim. Onun İndiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun İndi bilsin: Mən N qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların ki, bellərindən bir gün dəyənək əskik oldu, qudurub yollarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti olmaz. Deyərlər: “Ağzı yava pristavdı”. Söhbətin şirin yerində moltanı gəldi, “allah saxlasın”. Bir də gördüm hardansa, bu zalım oğlu prokuror təyin olub. Gəldi çıxdı, bir-iki gündən sonra məni çağırıb dedi: – Əzrayıl bəy, mənə xəbər verirlər ki, siz burada adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız. Yoxsa bir də eşitsəm ki, adam döydürmüsünüz, məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm. Əlim, ayağım kəsildi. Pristav olub adam döydürməməkdənsə, gedib əkinçilik eləmək yaxşıdır. Qardaşlar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə boynunuza alırdınız ya yox? Quldurlar İkisi də pristavın sözünü təsdiq etdilər. Biri dedi: – Papağını qoltuğuna vurub çəpər altından oğurluğa gedən binamusun atasına gərək od vurula. Pristav nağılına davam elədi: – Bəli, əlim, ayağım kəsildi, arvad kimi oldum. Istədim istefa verim. Sonra qəza özü mənim qolumdan tutdu. Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavulları öyrətdim tulanı oğurlayıb gizlətdilər. Prokuror bir gün, İki gün iti axtardı, tapa bilmədi. Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: “Baş üstə, axtararam!” Bir on gün keçdi. İt tövlədə əyləşib istirahətlə hər gün ətdən, çörəkdən yeyirdi. Bir gün məyus bir halda prokurorun yanına gəlib xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqİndir ki, iti aparan odur. Amma əldə rəsmi dəlil yoxdur, hərçi təkid edirəm boynuna almır. And içir ki, itdən xəbərim yoxdur. Amma iti aparmağı yəqİndir. Prokuror qeyzə gəlib birdən dedi: – Belə, bas o kafir oğlu kafiri ağacın altına! O qədər vur, birqat qabığı getsin! Onda boynuna götürər. Dedim: – Baş üstə! Sabahdan prokurorun itini göndərdim və o gündən bunun izninə görə başladım: “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib!” başladım sağdan sola, soldan sağa dəyənək çırpmağa. Prokuror qulaq asıb soruşdu: – Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın? – Bəli! – Ax tı, maşennik! * * * Diş ağrısı Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al, sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!” Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, İki meyvə bağı və bir top dağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna: – Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki... Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Oğluna düşəndə deyərdi: – Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh, neyləyim”ə verir. Məsələn: gedir bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür İki şahı artıq veribdir. O saat deyir: “Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksı beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: “Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin. Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü. Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq. Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna, yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd”. Bəli, bir nəfər maraldan nağıl edirdilər Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar. ki, o da fürsəti fövt eləməzdi. Iranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!”. Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halalca malı. Maral savadlı idi. Təbi-şeri də vardı. Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə. “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!” Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq. Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtığını yeyib böyüyəcək. Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmalimüvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsni-rəğbət və şöhrət qazanır. Bir az keçir. Iran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan... Maral başlayır patrontüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə də bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir. On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. Irana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar. bilməyib. Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllallığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə təklif edir: – Məşədi, siğə nə mixahi? Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər... Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik. Bəli, Hacı Rüstəmdən danışaq. Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanı da gedib kəndbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı ki, İrandan keçmiş bir seyid, İki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqallıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğusual edən. Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa. Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüd qalıb birdən qışqırdı: – Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm! Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı. Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnunadək yükləyib gəldi evinə. Bir az zamanda Hacı Rüstəm atasının iki, üç dövlətincə dövlət qazandı. Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ yeri verib, on İki il də hər bir xəracatdan azad edirlər. Məşədi, siğə istəmirsən? Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar. Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb, aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü Təzəşəhərə. O vaxtdan orada sakİndir; yaxşı dövlət qazanıb Məkkəyə gedib. Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi. Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim. Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü sarıqlı yaman bir halda gəlir. – Ay hacı, olmasın azar, sifətini niyə sarımısan? – Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam. – Nə olub? De görüm! – Nə olacaq, dişim məni öldürür. – Mən də dedim, görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər: Qonşun pisdir, köç qurtar, Dişin pisdir, çək qurtar. Arvadın pisdir, boşa qurtar, Canın pisdir, öl qurtar. – Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt-quran açır. – Axır mən nə eləyim? Get çəkdir qurtarsın! – Elə mən də ona gəlmişəm. Deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa, gör onu tapdıra bilərsənmi? – Ay hacı dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin. – O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq? – Necə neçə alacaq? Nə istər, verərsən. – Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun. – On şahı verərsən, qurtarar gedər. – On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda... uf!..uf!..uf!.. aman, aman, öldüm. Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizindizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf... uf... uf!.. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “çəkməkdən sivay əlacı yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki, çıxmır... Yazıq Məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (o vaxt hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə... uf!.. uf!.. uf!.. Aman Allah... Aman allah... Elə ki gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən İki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə “Allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi, bir az “şto-mişto” oxuyub? Bacarmayacağam. – Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara! – Necə? Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz alır, amma sənin matışkan təharət nə olduğunu bilmir... Aman!.. Aman!.. Aman! Başım çatladı! – Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim. Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına. Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə. – Ağrıyan dişinizi göstərin! Hacı dedi: – Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan? – Diş çəkmənin taksası on şahıdır. – Mən heç bir girvənkə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası verəcəyəm, dişimi çəkəcəksən, vəssalam! – Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən. Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi: – Eybi yoxdur, çək! Ağrıyan dişim budur. Həkim dişi çəkib qoydu yerə. Hacı üzünü usta Həsənə tutub dedi: – Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki, baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın! Həkim soruşdu: – Nə olub? – Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin! Həkim onu da çəkib yerə qoydu. Hacı ilan çalmış tək yerindən qalxdı: – Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası gorbagor olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu! Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı. – Adını diş həkimi qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan dişim budur! Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və çöldə usta Həsənə dedi: – Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz. * * * Qoca tarzən Bahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi: – Ay arvad, dörd aydır ki, mən xəstə yatıram və evin qapısından başımı dişarı çıxarmamışam, İndi bahardır, pəncərədən baxıram, görürəm bahar günəşinin işığı hər yeri tutubdur, ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə. Arvad ərini geyİndirib qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Bir də qapıdan baxıb ərini gendən gələn görüb cəld pilləkənin ayağına enib qolundan yapışıb otağa gətirdi. Cavad uca boylu, başı, saqqalı ağarmış göyçək simalı bir kişi idi. Qocalığına baxmayaraq, cavanlığında geydiyi libasının tərzini dəyişməzdi. İpək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şavro çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri... Onun libası həmişə bu idi. Arvad Cavadı çarpayının üstünə əyləşdirdi. – A kişi nə belə gec gəldin? Yorulmadın ki? – Yox, arvad, yorulmamışam, hətta özümdə bir cavanlıq qüvvəsi də hiss edirəm. – İnşallah tezliklə sağalarsan. – Bağda əyləşib, ətrafa tamaşa eləyirdim; hər tərəfdə ağaclar çiçək açmağa başlayırlar; quşlar bu ağacdan o ağaca atılaraq nəğmələri ilə baharı təbrik edirlər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirlər. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Onlara baxdıqca mənim ürəyim yanırdı. Öz-özümə deyirdim: bu uşaqlar necə xoşbəxtdilər, onların əsla xəyallarına gəlmir ki, bir vaxt olacaq, mənim kimi onların da evdən çıxıb evə qayıdanda qollarından yapışacaqlar. Oyanıb çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb deyirdim: nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Cavad bir ah çəkib dedi: – Arvad, qalx o tarı mənə gətir, görüm çala biləcəyəmmi? Arvad qalxıb divardan asılmış tarı endirib torbasından çıxardıb verdi ərinə. Cavad tarı əlində tutub, neçə dəqiqə sakit tamaşa edəndən sonra, dərin bir ah çəkib, tarı sinəsinə basdı. Bir neçə mizrab vurandan sonra əli boşalıb tarı yerə qoydu. – Gəl, arvad, götür as yerindən, lənət sənə, dünya! Lənət gəlsin sənə, qocalıq! Məgər mən tar çalmaqdan yorulardım? Arvad tarı alıb, torbaya qoyub yenə divardan asdı. Bu halda qapı döyüldü. Cavad dedi: – Arvad, get qapını aç, gələn bizim uşaqlardır. Bağda gördüm, dedim gəlsinlər bir az söhbət eləyək. Arvad qapını açdı. Cavadın şagirdlərindən bir nəfər tarzən və bir kamançaçı daxil olub salam verdilər. Cavab cavanlara yer göstərdi: – Əyləşin, balalarım. Nə yaxşı olub çalğılarınızı da gətiribsiniz. Cavanlardan biri cavab verdi: – Sən bizi evinə təklif edəndə, biz fikir etdik ki, əliboş getməyin mənası yoxdur; gedib evdən tar və kamançanı götürüb gəldik. – Çox gözəl iş görübsünüz; bağışlayın, oturmağa taqətim yoxdur. Mən uzanım, siz də bir qədər çalın, sonra da çay içib söhbət edərik. Arvad, gəl məni soyundur. Cavan tarzən cəld qalxıb Cavadı soyundurub uzandırdı. Cavad dedi: – Çox sağ ol, zəhmət çəkdin. – Sən bizi öyrətməkdə az zəhmət çəkməyibsən. Bizim də borcumuz həmişə sənə qulluq etməkdir. İndi nə buyurursan çalaq? – Mən cavanlıqda hər havadan artıq “Rast”ı sevirdimsə, həvəslə də onu çalardım. Bir “Rast” çalın, mən də qulaq asıb cavanlığımı xəyalıma gətirim. Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar. Bir qədər çalmışdılar, gördülər Cavadın dodaqları tərpənir. Cavad deyirdi: – Yay fəsli idi. Şamaxı cavanları yığma qoyub, məndən sivay da İki dəstə çalğıçı götürüb neçə günün müddətinə yaylağa səyahətə getmişdilər. Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub çalanlara qulaq verirdilər. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Onlar da həmişəkindən beş qat həvəslə çalıb oxuyurdular. Birdən cavanlardan birisi qalxıb dedi: – Həzərat, mənim bir təklifim var. Hamı üzünü ona tərəf tutdu, xanəndə sakit oldu. – Mən təklif edirəm ki, buraya cəm olan tarzənlər növbə ilə tək tar çalsınlar. Hər kəsin tarına bülbül gəlib özünü toxusa, mən ona yüz manat bağışlayacağam və onun adını da burada tarzənlər şahı qoyacağam. Hamı cavanın təklifini xoşlayıb tarzənlərə buyurdular ki, növbə ilə tar çalsınlar. Heç kəsin çalğısı bülbülü gətirə bilmədi. Axır növbət mənə gəldi. Tarı sinəmə basıb həmin bu “Rast”ı başladım. Bir də gördülər, bir dənə bülbül gəlib mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Dedim: “Ay zalımın quşu, ölsən də səni özümə tərəf çəkəcəyəm”. Bir az keçmişdi, onda gördüm bülbül ağacdan sürətlə enib özünü tara çırpıb uçub getdi. O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi. Mahmud ağa bu haləti gördükdə yerindən sıçrayıb gəlib mənim alnımdan öpüb dedi: “Ölmə, yaşa!”. Budur, ölməyib, yaşayıram... Budur, ölməyib yaşayıram! İndi mən kimə lazımam? Çalğıçılar “Şikəstəyi-fars”a keçəndə, Cavad hövlnak yerindən qalxıb qışqırdı: – Dayan! Bunu siz çalmırsınız. O şikəstəni mən çalıram. O barmaq mənim barmağımdır. Afərin, Cavad! Mərhəba sənə! Ölmə, yaşa, ölmə, yaşa! Baxın, baxın, göylər aralandılar, orada mənə əl eləyirlər. Odur göydən mənim üçün təxti-rəvan enir, daha mən bundan sonra yerlərə lazım olmayacağam! Gəlirəm! Gəlirəm! Bu yerdə Cavadın səsi birdən kəsildi. Arvadın ucadan qışqırtısı çalğıçıları diksindirdi. Hər ikisi hacatlarını kənara qoyub durdular ayağa. Bir az sonra iki şagird müəllimlərinin yumulmuş gözlərinə, rəngi qaçmış sifətinə baxaraq gözlərindən yaş axıdırdılar. * * * Kapitalizmlə mübarizə Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi. Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi: – Sən Rusiyanın şəhərlərində çox olubsan, oraların həyatına hamıdan yaxşı tanışsan, odur ki, səni görəndə ürəyim açılır; baxıram ki, mənim dediklərimi bir tək sən anlaya bilirsən. Bizim bu yekəpapaqlarda anlaq nə gəzir, gedirlər bazara, gəlirlər evlərinə, bir az zəhrimar yeyib yıxılıb yatırlar və elə bilirlər ki, həyat sürürlər. Mən ölüm, bir gün bizə gəl, sənə bir dadlı düşbərə verim, sonra bir dəftər açıb qoyum qulluğuna, dəftərdəki şəkillərə bax, ağzının suyu axsın. Mən Moskvada, Nijnidə, Varşavada... ad qoymuşam. Bircə dəfə degilən, Qriqori Maksimiç mənim aşnamdır, gör nə qədər sənə hörmət edərlər, xanımlar arasında məni ayrı adla tanımazlar. Keçən il getmişdim Nijni yarmarkasına... Mal xırıd eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalxmaq xəyalına düşdüm. Bir neçə kafeşantana gedib ujin istədim. Bir də gördüm bir qoca qarı mənə tərəf gəlir; gəlib bir az durub dedi: – Siz yəqin bakılısınız? Dedim: – Həri. Dedi: – Bəs nə üçün təkcə ujin edirsiniz, mən sizi bir gözəl qızla tanış edim, bir yerdə ujin edin, vaxtınız skuçna keçməsin. Dedim: – Eybi yoxdur, get gətir. Sizin canınız üçün, kaftar zalım qızı elə bir qız gətirdi ki, yemə-içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qızı əyləşdirdi yanımda, başladıq ujin, şərab, flan... Yavaş-yavaş beyin qızışdı. Baxdım qızın əlində bir sumka vardır, sumkanı alıb açıb gördüm içi boşdur. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Əlimi cibimə salıb bir ovuc qızıl beşlik çıxardıb, tökdüm sumkaya. O qızın şəkli məndə durur, görsən valeh olarsan. Bir gün yenə yarmarkada gəzirdim. Yolum “tirə” düşdü. Bir qız orada əyləşib biri bir şahıdan nişana vurmaq istəyənlərə patron satırdı. Qızı görən tək vuruldum. Başladım mən də patron alıb nişan atmağa. Mənim də ki, nişana atmaqda bərabərim yoxdur, yüzdən yuxarı güllə atdım, biri də dəymədi... ha, ha, ha! Axırda bilirsən nə elədim? Bir dənə beş yüzlük çıxarıb qoydum qızın qabağına və dedim: – Mən uxajıvat-muxajıvat bilmərəm. Al pulu, dur gedək nahar eləməyə. Qız pulu götürüb, “tirin” qapısını bağlayıb düşdü yanıma. Onun da məndə şəkli var, gəlib görərsən. Xülasə, belə söhbətlərdən mənə çox elərdi. Ay ötdü, il dolandı, Azərbaycanda Şura hökuməti quruldu. Ağa Qurbanın evləri, dükanı keçdi hökumətə. Bir neçə müddət uzunu bu idarədən o idarəyə çırpınıb bu işin qanundan xaric olduğunu sübut etmək istədisə də, sübutları işə keçmədi. Axır bir idarədə bunu qandırdılar ki, Şura hökumətinin əsası, kapitalizmlə mübarizə etməkdədir. Siz apitalistlər öz sərvətinizi zəhmətkeşlərin əlləri ilə qazanıbsınız. İndi işçilər o sərvətləri dala istəyirlər, hökumət də onlarındır. Bu izahat onu guya yuxudan oyatdı. Birdən “qanunsuzluq” məsələsini boşlayıb başqa bir sübut meydana atdı, dedi: – Xub, vaxta ki, belədir və hökumət kapitalizmlə mübarizə edir, onda mənə ikiqat kömək etməyə borcludur, çünki kapitalizmlə birinci mübarizə edən mənim atam Hacı Qasım olubdur. Sonra da mən olmuşam və cəmi dövlətimi kapitalizmlə mübarizədə qazanmışam. Özünüz bir fikir edin. Mənim atam cümlətanı min manat maya ilə ticarətə başlamışdır. Ölüb gedəndən sonra, – Allah atanıza rəhmət eləsin, – İki yüz min manat nəqd pul, evlərdən, dükanlardan başqa, mənə keçdi. İndi mültəfit olsanız, bu sərvətin nə yolla mənim əlimə keçdiyini görərsiniz. Atam həmişə gedib Rusiyanın fabriklərindən mal gətirib satıb, qazancın cibinə qoyurdu və fabrikin də haqqını özünə göndərərdi. Bir gün atam fikir etdi: “Xub, nə səbəb mənim mincə manat mayam olsun, amma Morozov kimi xaxolun birisinin pullarını banklar tutmasın. Bu milyonlar mənim kimi kasıbların belindən çıxıbdır”. Bunu fikir etdikdən sonra gedib Rusiyadan neçə min manatlıq mal alıb gətirdi. Gətirəndən sonra... tarap! Özünü yerə vurub dedi vərşikəst olmuşam, dükanın viveskəsi dəyişildi, evlər də anamın adına yazıldı. Fabrikantlar gəlib gördülər – bir həsir, bir də Məmmədnəsir. Çıxdılar getdilər. Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə İki ev və dükan sahibi olmuşam. İndi buna kapitalizmlə mübarizə deyirlər, ya yox? Siz gərək mənim evlərimi, dükanımı, hamısını qaytarıb özümə verərsiniz. Çünki mən kapitalizmlə mübarizə etmişəm. Bu söhbət sovnarkomda oldu. Sovnarkomda bunun ağlının dərəcəsini görüb dedilər: – Sənin dərdinin əlacı burada olunmaz. Lazımdır Narkomzdrava gedəsən. Orada bəlkə sənə əlac oldu. Qriqori Maksimiç (biz də bunu belə adlandıraq) razılıq edib çıxdı. Narkomzdrav... Bir cavan oğlan masa dalında əyləşmiş, qabağında yığılmış kağızları bir-bir götürüb baxır, sonra dəftərə yazıb qoyur sağ tərəfinə. Qriqori Maksimiç bunun qarşısında durub kağızların hamısının dəftərə yazılmasını gözləyirdi. Nəhayət, oğlan qələmi yerə qoyub başını yuxarı qaldırdı: – Nə buyurursunuz? – Buyurmaq sizinlədir. Bircə mənə deyin görüm burada hamıdan böyük kimdir? – Böyük yoxdur. Iş başında əyləşən yoldaş var ki, o da narkomdur. – Narkom... narkom... Xub, onu görmək olarmı? – Nə üçün olmur, bu qapıdan içəri girin. Qriqori Maksimiç qapıdan daxil olub, gördü bir neçə nəfər adam sandalyalarda əyləşiblər. Baxdı ki, ev qonşusu Məşədi də buradadır. Gəlib salam verib, yanında əyləşdi. – Məşədi, siz burada nə oturubsunuz? – Narkomu görəcəyəm. – Sənin narkomla nə işin var? – Mənim, ayıb olmasın, arvadım neçə ildir, naxoşdur. Müalicə etdirməkdən məndə tab-tavan qalmamış. Özün bilirsən ki, mən gün ruzumu həmişə güclə çıxartmışam. Dedilər narkoma ərizə versən sənin dərdinə qalarlar. Arvadını ya balniskəyə, ya bir yaxşı havalı yerə göndərərlər. İndi onun üçün gəlmişəm. Bəs sənin burada nə işin var? Qriqori Maksimiç cavabında: – Ay Məşədi, sən özün bilirsən ki, mənim Rastabazarda İki qapılı bir dükanım və dağlı məhəlləsində də İki evim var idi... Əhvalatı müfəssəl nağıl etdikdən sonra Məşədi dedi: – Sənin işin burada keçməz, gərək Kommunxoza gedəsən. – Kommunxoz kimdir? – Köhnə dumu tanıyırdın? – Nə üçün tanımazdım. – Çox gözəl, get oraya, soruş ki, Kommunxoz haradadır, sənə göstərərlər. – Axır məni buraya göndəriblər. – Göndərən səhv edibdir, burada həkimlik işlərinə baxırlar. – Məni buraya göndərən hamıdan böyükdür, o səhv etməz. – Eybi yoxdur, əyləş gözlə, növbətin gələndə gedib narkomu görərsən. Qriqori Maksimiç bir qədər qonşusu Məşədi ilə dərdləşdi. Oturanlar bir-bir narkomun yanına girib çıxdılar. Bir neçə adamdan sonra növbət Məşədiyə gəldi. Bir neçə dəqiqə keçmiş Məşədi narkomun qapısından çıxanda Qriqori Maksimiç ona yaxınlaşıb xəbər aldı: – Məşədi, narkom necə adamdır? Cavandır, qocadır? – Yox, cavandır. Çox yaxşı oğlandır. Dərdimi dürüst söylədim, dedi həkimdən bir şəhadətnamə al, ərizə ilə ver, hər nə mümkündür edərəm. Çox sağ olsun. Ömrü uzun olsun. Yaxşı oğlansa, mənim dərdimə əlac eliyəcək. Qriqori Maksimiç növbət gəldikdə içəri daxil olub, narkoma ikiqat baş əydi. Narkom bunun belə baş əyməsinə həm təəccüb, həm də nifrətlə baxıb dedi: – Buyurun, əyləşin! – Yox, cənab narkom, qulluğunuzda durarıq, ancaq ərzim var. – Burada nə cənab var, nə qulluq! Buyurun əyləşin. Biz hamımız yoldaşıq. Köhnə fikirləri başınızdan çıxarın. Əyləşin. Qriqori Maksimiç ahəstə irəli gedib, narkomun göstərdiyi yerdə əyləşdi. – Buyurun görək, işiniz nədir? – Sənə qurban olum, ay cənab... Bağışlayın, yoldaş narkom. Bütün şəhər bilir ki, mənim Rastabazarda İki qapılı dükanım var idi, dağlı məhəlləsində də İki böyük evim var idi. Özüm də... Narkom Qriqori Maksimiçi dayandırdı. – Bağışlayın, burada ev, dükan işinə baxan yoxdur. Belə işlər Kommunxoz işidir. Get bu dərdini orada söylə. – Axır məni buraya göndəriblər. – Səni buraya göndərən səhv eləyib. Kommunxoza gedin. Narkom zəngi basdı və içəri daxil olan qulluqçuya: – Orada daha kim var. Burax içəri. Qriqori Maksimiç qalxdı ayağa: – İndi buyurursunuz Kommunxoza gedim? – Bəli, oraya gedin. Qriqori Maksimiç köhnə “duma” gəlib çox çətinliklə Kommunxozu tapdı. Qapını açıb daxil oldu. Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyub dəftərə yazırdı. Qriqori Maksimiçi gördükdə başını qaldırıb xəbər aldı: – Nə buyurursunuz, vətəndaş? – Kommunxozu görəcəyəm, onunla işim var. – Nə işiniz var? – Nə ərz eləyim. Hamı bilir ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində də böyük evim var idi... – Deməli, istəyirsiniz evlərinizin İkisini də özünə qaytarsınlar. – Bəli, evləri də, dükanları da. Əlavə, çirkli-pasaqlı matrosları gətirib doldurublar otaqlarıma, özümü də qısnayıblar bir balaca spalnaya, gərək o matrosları da mənim evimdən çıxartsınlar. Mən və mənim atam neçə illərlə kapitalizmlə mübarizə edib, sərvət qazanmışıq! Onu mənim əlimdən necə almaq olar! İndi bu saat gedib o kommunxoz yoldaşın yaxasından yapışıb evlərimi də, dükanımı da istəyəcəyəm. Mənim evimi almaqda heç kəsin polni pravası yoxdur. Cavan oğlan Qriqori Maksimiçə dəm tutmağa başladı: – Yox, sizə böyük zülm olubdur. Siz inqilaba böyük xidmətlər göstəribsiniz, gərək dükanınız və eviniz özünüzə qaytarılsın. – O matrosları da mənim evimdən çıxartsınlar. Ağzına-bozuna baxmırlar, ayaqları palçıqlı dolurlar otaqlara, bu saat mənim otaqlarımı görsən yazığın gələr. – Yox, əlbəttə, gərək sizin mülkünüzü qaytarsınlar, ancaq sizi buraya nahaq göndəriblər, sizi buraya göndərən hər kəs isə sizi əlinə dolayıb. – Bəs hamı deyir ki, mülk işinə Kommunxoz baxır. – Səhv ediblər, ancaq evlər əlinizə keçəndən sonra buraya naloq verəcəksiniz. – Naloqdan kim boyun qaçırar, həmişə vermişik, yenə verərik... İndi deyirsiniz məni buraya səhv göndəriblər? – Bəli, səhv! Burada sizə əlac olmaz. Mən görürəm, siz bir təmiz adamsınız, inqilaba da böyük xidmət göstəribsiniz. Ona görə, sizə əlac olan yeri dürüst göstərərəm. – Göstərin, atam sizə qurban! – Sizə əlac olsa “Azvin” deyilən idarədən olacaqdır, birbaşa gedərsiniz oraya, bu da onun adresi. Sizə orada əlac oldu olub, olmadı, gedin dinməz evinizdə oturun. Qriqori Maksimiç kağıza yazılan adresi alıb, oğlandan razılıq edib çıxdı. Vaxt keçdiyinə görə kağızı qoltuğuna qoyub sabah sübhdən getməyi qət etdi. Qriqori Maksimiç gəldi evə, arvad düşbərə bişirmişdi, bir neçə boşqab yeyib istədi yatsın, yuxusu gəlmədi. Arvad xəbər aldı: – Söylə görək, a kişi, nə iş görə bildin? – Dinmə, arvad, işim yolun ağına düşübdü. Bu gün Kommunxozun kantorunda bir yaxşı oğlana rast gəldim. Deyir heç kəsin haqqı yoxdur sənin evlərini, dükanını almağa. İndi budur bir adres verib, deyir oraya getdinmi, mülkünü alacaqsan, vaxt keçdiyindən bu gün gedə bilmədim. Sabah tezdən gedəcəyəm. Arvad bir qədər qulaq asıb dedi: – Kişi, gəl sən bir mənim də sözümə bax. Dur buradan düz get advokat Əlabbas bəyin yanına, ona da məsləhət elə, gör nə deyir. Nə qədər olsa dünya görmüş, iş bilən adamdır. Qriqori Maksimiçin ağlı kəsdi. * * * Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Qapı döyüldü. Durub açıb, Qriqori Maksimiçi gördü. – Ay salaməleyküm. Siz hara, bura hara! Içəri buyurun görək. Nə əcəb siz də bizə gəlmişsiniz? – Nə etməli, bəy dadaş, yük əyəndə daş qəribliyə düşər. Sizə vacib işim düşübdür. – Buyurun əyləşin, bir stəkan çay ilə necəsiniz?! – Çox razıyam, bu saat içib gəlirəm. – Əyləşin, söyləyin görək nə var, nə yox, budur neçə gündür bayıra çıxmıram, şəhərdən, bazardan xəbərim yoxdur. – Bazarda, şəhərdə nə olacaq? Bikarçılıq. Səhər çıxıb bir az bazarı dolanıb qayıdıram evə. – Niyə alış-veriş eləmirsiniz? – Elə bu məsələdən ötrü gəlmişəm qulluğunuza. Mənə bir məsləhət tökün, nə qədər də məndən alacaqsınız alın, xülasə, mənim dərdimə əlac eləyin. – Buyurun görək. – Axır siz özünüz bilirsiniz ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində iki böyük evim vari idi... Əlabbas bəy, Qriqori Maksimiç ağzını açdıqda başı boşluğunu gördüsə də, yenə səbirlə onun şikayətinə axıradək qulaq asıb dedi: – Ağa Qurban! Mənim sizə doğru-dürüst, qardaşlıqda məsləhətim budur. Bu danışdığınız söhbəti elə burada qoyun qalsın. Fayda verən danışıq deyil. Şura qanunu ilə sizə nə dükan, nə də ev qaytarılmayacaq. Çəkdiyiniz zəhmət, xərclədiyiniz pullar da hədər gedəcək. – Necə gedəcək? Bəs mən və mənim atam, kapitalizmlə mübarizə etmişik... – Yox, Ağa Qurban, kapitalizmlə mübarizə buna deməzlər. Amma o ki sizin evinizi, dükanınızı alıblar, bu, kapitalizmlə mübarizədir. Mənim məsləhətimə qulaq asın, bir qədər səbir edin, görək işlərin axırı necə olur. – Axı siz belə deyirsiniz. Kommunxozun kantorunda qulluq eləyən oğlan bu adresi mənə verib dedi ki, buraya getdinmi, o saat sənin dərdinə əlac olacaq. Əlabbas bəy kağızı oxuyub ucadan güldü. – Bilirsiniz, Ağa Qurban, bu nə kağızdır? – Buyurun! – Bu “Azvin”in adresidir. Burada ancaq araq-çaxır işinə baxırlar, ev işinə qarışmazlar. İndi bilin ki, hər yerdə sizi biləyə dolayırlar. Qriqori Maksimiç məyus Əlabbas bəyin evindən çıxdı. Bayırda dayanıb bir qədər o yana-bu yana baxdıqdan sonra evinə tərəf yola düşdü. * * * O vaxtdan neçə il keçibdir. İndi də Parapet spekulyantlarının arasından və ya Malakan bağındakı “Qarabağ klubu”ndan keçdikdə, əlbəttə, Qriqori Maksimiçin səsini eşidəcəksiniz və görəcəksiniz özü kimi bir “fələkzadəyə” yan alıb deyir: – Axı siz bilirsiniz ki, mənim Rastabazarda İki qapılı dükanım və dağlı məhəlləsində iki böyük evim var idi... * * * Qaban Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi. Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”. Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Şəhərə gedənlər orada dayanıb çayın kənarında istirahətlə yorğunluqlarını alıb, çörək yeyib və çayın duru, “göz yaşı kimi” suyundan içib yola düşərdilər. Bir dəfə mən də ailə ilə şəhərə gedərkən həmin çayın kənarında düşüb samovar üçün Rəhim bəyə adam göndərdim. Bir də gördüm Rəhim bəy budur özü gəlir və mənim adamım da onun dalınca samovar gətirir. Məni gördükdə salam verib dedi: – Sizin adınızı eşidib salam verməyi özümə borc bildim. – Çox məmnunam, Rəhim bəy, əyləşin, çay içək, bir qədər də söhbət edək. Çayın suyundan samovara töküb od saldılar; Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Mən papiros çıxarıb Rəhim bəyə təklif etdim. Rəhim bəy almadı. – Mən papiros işinə baxmıram. Özünüz buyurun çəkin. Mənimki budur. Rəhim bəy bunu deyərək, bir dənə uzun quyruq “çırt çubuğunu” çıxardıb qabağına qoydu. Sonra arxalığının yan cibindən tənbəki kisəsini çıxardıb əlində bir qədər ovçalayıb, çubuğunu doldurub çəkməyə məşğul oldu. Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərdən nağıl edirdi. – Əbdülkərim indiki qaçaqlara bənzəməzdi. İndikilər quldurdurlar, yol kəsəndirlər, qaniçəndirlər və hamısı da qorxaqdırlar; onların adam öldürməkləri də qorxalıqdandır, igid qaçaq qan tökməz. Əbdülkərim bir nəfəri öldürməzdi, fəqir-füqəraya dəyməzdi. Soyduğu ancaq tacirlər, mülkədarlar olurdu. Hətta füqəra gördükdə pul da verərdi. Divan əmələcatından, xüsusən polis qulluqçularından əlinə keçəndə tutub bərk döydürüb yola salardı. Onun qaçaqlığı da namus üstündə olmuşdu. Sarıqurbanlı Hacı Pənahın oğlu onun nişanlısını götürüb qaçmışdı. O da namusuna qatlaşmayıb oğlanı bazarın ortasında doğrayıb qaçaq düşmüşdü. – Rəhim bəy, İndicə dedin ki, Əbdülkərim qan eləyən deyildi. – Yenə deyirəm. Namus yolu başqa, yol üstə durub, gəlib-gedəni öldürüb, var-yoxunu aparmaq başqa. Bu yolda hər kəs olsa qan elər. Adını igid qoyan belə namusu yeməz. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Zalım balası qızılquşdan zirək idi. Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Gedib evi əhatə edib sübhədək dörd yandan güllə tökərdi. Bununla belə, mühasirədən bir fəndlə qaçardı ki, hamını heyrətə gətirərdi. Uzun boylu, gözəl, ceyran kimi bir oğlan idi. Axırda öz yoldaşı namərdlik edib kişini girə verdi. Əbdülkərim asılan gün qəzanın hər bir yerindən Sultanbuda nümayəndələr çağırılmışdı; əlavə, tamaşaçıların sayı-hesabı yox idi. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Sizi inandırıram ki, sifətində əsla təğyir nişanəsi yox idi. Ətrafa göz gəzdirib gülürdü, guya ki böyük bir ziyafətə gəlibdir. Qətnaməni üzünə oxuduqdan sonra axır deyəsi sözünü xəbər aldılar. – İzin verin anam ilə görüşüm. Anasını çağırdılar. Uca boylu, tənumənd bir qadın irəli yeriyib oğlunun üzündən öpdü. Əbdülkərim, anasının üzündən öpüb dedi: – Ana, mən igidliklə ölümə gedirəm. Məndən sonra bir qətrə göz yaşı töksən, ruhum səndən inciyəcəkdir. Anası cavabında: – Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçsa, sənə oğul demərəm. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. İzin verdilər, əlini qulağına qoyub oxudu: Mən aşıq gülə-gülə, Gül əkdim gülə-gülə. Evimi düşmən yıxdı, Üzümə gülə-gülə. Bayatını oxuyub çıxdı kürsünün üstünə, öz əli ilə kəndiri boğazına keçirib, ayağı ilə kürsünü yıxdı. Tamaşaçıların çoxusunun gözlərindən yaş axdı. Rəhim bəy çubuğunun başını çəkməsinin dabanına çırpıb dedi: – Heyf oğlan idi, min can əvəzi idi. Bir qədər söhbətdən sonra, çay hazır oldu. Hər birimizin qabağına bir stəkan çay gətirib qoydular. Söhbət zamanı baxdıq ki, bir qoca erməni bir sürü donuzu suvarmaq üçün çaya endirdi. Rəhim bəy donuzları görüb dedi. – Sizə bir qəribə qaban keyfiyyəti də söyləyim, bir az kefiniz açılsın. – Buyurun, – dedim: – Təxminən bir qırx il bundan əqdəm Murov Xasbabovun yanında qulluq edirdim. Cavan və qoçaq vaxtım idi. Bir gün Xasbabov Kür qırağında qaban ovuna çıxıb məni də yanınca aparmışdı. Bir qamışlığa od qoyduq; bir də gördük oradan bir qaban çıxdı; yalan olmasın, bir qatır boyda. Uşaqlar on, on iki güllə vurandan sonra güclə yerə yıxıldı. Xasbabov gəlib qabana baxıb dedi: – Mən nə qədər ov eləmişəm, bu böyüklükdə qabana rast gəlməmişəm. Bu əlbəttə şəhərə, naçalnikə göndərilməlidir. Məni çağırıb dedi: – Rəhim, bu qabanı şəhərə apara bilərsənmi? Dedim: – Baş ilə, can ilə. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb özüm də üstündə yola düşdüm. Gecə yarısı “L” kəndinə çatıb birbaş sürdüm məşhur ağsaqqal Hacı Osmanın qapısına. Səsləndim: “hacı, hacı”. Hacı səsimi eşidib köynəkcən qapıya çıxdı: – Rəhim bəy, sənsən? – Bəli mənəm. – Bu gecənin yarısında nə vaqe olubdur, xeyirdirmi? – Allah kəssin qulluq adamının işini. Bizim məgər gecəmiz, gündüzümüz olur? Naçalnikə qaban aparıram. Zəhmət olmasa, gəl onun başından, qıçından yapış qoyaq yerə, arabaçı gərək qayıtsın. Sabah buradan da bir ayrı arabaya qoyub apararam. Gördüm hacı dayanıb təəccüblə mənim sifətimə baxır. Dedim: – Dayanma, hacı, tez ol, arabaçı yazıqdı. Azad edək getsin. Hacı dedi: – Rəhim bəy, mən səni bir ağıllı oğlan bilirdim. Bu nə növ təklifdir? – Necə “nə növ təklifdir?” Burada bir ağır təklif yoxdur. – Rəhmətlik oğlu, bir özün fikir elə, mənim kimi ağsaqqal hacı kişiyə yaraşarmı ki, gəlib qaban başından yapışam, ya qabana əl vuram? Sən məgər müsəlman deyilsən? – Çox da müsəlman oldum. Müsəlmanlıq başına nə daş salsın? Murovun əmridir, gərək əməl olunsun. Nahaq yerə arabaçını məəttəl eləmə, gəl qabana yapış, qoyaq yerə. Hacı Osman qayıdıb otağa girdi və tez çıxdı. – Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Hacı Osmandan on manat alıb arabanı sürdüm molla Allahverdinin qapısına. Sübhə yaxın idi. Gördüm molla Allahverdi dəstəmaz alır. Məni gördükdə aftafasını yerə qoyub gəldi yanıma. – Ay Rəhim bəy, bu vaxt xeyirdimi? Bu arabadakı nədir? – Nə bilim nədir, Allah kəssin qulluqçuluğu. Başımıza sənət qəhət olub, özümüzü dolaşdırmışıq. Bir yolluq ölüb qurtarmaq min dəfə bundan yaxşıdır. Budur, bir qabanı yıxıblar bu arabanın içinə. Buyurublar şəhərə, naçalnikə aparım. Əlacım nədir? Boyun qaçırmaq olarmı? Oxuduğuna qurban olum, ay axund, gəl kömək elə bu qabanı qoyaq yerə, arabaçı qayıtsın evinə. Sübh açılandan sonra bir araba tutub, içinə yıxıb aparım. Molla baxıb, birdən dedi: – Əstəğfurllah! Əstəğfürullah! Rəhim bəy, eyib deyilmi mənə bu sözü deyirsən? Mən molla adam necə donuza yaxın gedim? Cavan oğlansan dinmirəm, yoxsa sənə çox ağır söz deyərdim. Təvəqqe edirəm mənimlə zarafat eləməyəsən. – Zarafat-marafat yoxdur. Gəl donuza yapış qoyaq yerə... Naçalnikə donuz gedir, bu da zarafatdan dəm vurur. Rəhmətlik oğlu, xalqı məəttəl eləmə. Çox danışdıqdan sonra üç manat da molladan alıb, arabanı sürdüm “Q” kəndinə. Xülasə, nə ərz edim. İki həftə bu qabanı kəndbəkənd bu hacının qapısından o hacının qapısına, bu mollanın qapısından o mollanın qapısına bu seyidin qapısından o seyidin qapısına gəzdirib, yüz manatadək pul topladım. Şəhərə yaxınlaşanda gördüm qabandan it qoxusu gəlir, bu sifətdə bunu şəhərə gətirsəm, naçalnik atamı yandıracaq. Atdan düşüb çölün çiçəklərindən xeyli yığıb tökdüm qabanın üstünə, şəhərə yetişib, murovun məktubunu içəriyə, naçalnikə göndərib, qabanı arabadan yerə salıb ata dəydim. Asta qaçan namərddir. Rəhim bəy nağılını qurtarıb, yenə çubuğu doldurdu. Bir-iki qullab vurub dedi: – Bəli, belə işlərdən mənim başıma çox gəlibdir. Yüz il danışsam, qurtarmaz. Bağışlayın, poçtun gələn vaxtıdır, qulluğunuzdan mürəxxəs olum. Xudahafiz. Qalxıb əl verib getdi. Mən də ailəmi faytona əyləşdirib, özüm də oturub şəhərə tərəf yola düşdüm. * * * Söhbət İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm. Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Dostumla neçə sənə idi görüşməmişdim. Ona görə keçmiş günlərdən, İndİki vəziyyətimizdən uzun-uzadı söhbət elədik. Dostum deyirdi: – Zəmanə çox adamın burnunu ovub, çox adamlara öz məqamlarını göstərib. Ciblərində pulu çox görüb allahlıq iddiası eləyənlər indi küçələrdə tülkü sifətində gəzirlər. Bir vaxtı mənim salamımı almayanlar, İndi özləri mənə qabaqca salam verirlər. insanlığı pulun çoxluğunda bilənlər, “bu adamın cibində bir qəpiyi yoxdur, onun ağzına baxmayın” deyənlər İndi görürlər ki, qüvvət pulda deyilmiş. Uşaqlarını xəlvət intibahnamə paylamaları üçün evdən qovan atalar İndi gəlib haman uşaqların kölgələrinə qısılırlar. Hərəkətlərindən qan qoxusu gələn qoçular indi quzuya dönüblər... Quru danışıqdan fayda çıxmaz. Dur, enək bağın ayağındakı meydançaya. Bir şüşə sərin su alıb ortalığa qoyub, söhbət vuraq... Bəlkə işin var idi, sənin işindən avara elədim? – İşim-mişim yoxdur bilmərrə, bu gün avarayam. – Di onda dur gedək. Bağın ayağındakı meydançada bir budka qoyulub, orada hər növ ürək sərinlədən içki, süd, qatıq və sair satırdılar. Keçib bir masanın yanında əyləşdik. Dostum yumruğunu masaya çırpıb, bir şüşə “barjom” istədi. Qız “barjom” suyunu və İki stəkan gətirib, masanın üstünə qoyub getdi. Dostum sudan bir stəkan töküb mənim qabağıma, birin öz qabağına qoyub başladı söhbətə. Söhbətdən belə məlum oldu ki, kooperativ dükanında qulluqdadır və özü də ittifaqda üzvdür. Keçmişdən, gələcəkdən bir qədər danışıb, dedi: – Sənə bir qəribə də əhvalat söyləyim. Dedim: – Buyur. Dostum başladı: – On beş, on altı il sənə bundan əqdəm məşhur Əmir bəy gəlib, bizim məhəllədə yer alıb bir imarət tikdirdi. Onun imarətini ki, görübsən. Bunun bizim məhəllədə gəlib sakin olması məhəllə əhalisinin hamısını təşvişə saldı. Qoçu adamdır; ağzın, burnun xoşuna gəlmədi, ya küçədə etina etmədin, salam vermədin, yainki tapançasının gücünü sınamaq istədi – gülləni çıxardıb “taraq” vuracaq başına, ondan sonra balaların ağlaya bildikcə ağlasınlar. Xülasə, bu adamın bizim məhəllədə ev tikdirməsi məhəlləyə vəba xəstəliyi gəlmiş kimi bir şey oldu. Xalq özünü, övladını vəbadan qoruyan kimi ondan da qorumağa məcbur oldular. Axırda məhəllə əhli belə qərara gəldi ki, bunu növbə ilə evlərinə qonaq çağırıb plov versinlər, bəlkə beləliklə onun xatasını üstlərindən dəf eləsinlər. Bir gün də növbət mənə yetişdi. Sən özün bilirsən ki, məndə elə bir qüdrət yoxdu ki, xalq kimi ziyafət düzəldə idim. Mənim dövlətim yox, mağazam yox. Bir balaca daxmam var idi ki, özüm və külfətim bir növ oraya sığınaq vermişdik. Peşəm də ki, tacirlərin yanında pirkeşiklik idi. Arvada dedim ki, ay arvad, gərək özümüz beş gün ac qalmalı olsaq da, Əmir bəyi plova çağıraq. Yoxsa mənimlə ədavət bağlar, günlərin birində də səni dul və balalarımı yetim qoyar. Arvad da mənim fikrimi bəyəndi, tədarük görüb bir axşam bəyi dəvət elədim, öz yovuq adamlarımdan da bir neçəsini çağırdım. Sən gərək ki, onda Gəncədə olurdun. – Bəli, doğrudur. – Axşam qonaqlar cəm oldular, bir azdan sonra bəy də iki nəfər adamları ilə təşrif gətirdi. Qonaqlar hamısı ayağa qalxıb bəyi yuxarı başa keçirtdilər. Qabaqca qonaqlara çay verildi. Bəy bir-iki qurtum çaydan içib işarə ilə məni yanına çağırdı. Gəlib bir dizim üstündə bəyin qarşısında çökdüm. Bəy xəbər aldı: – Bu çayı kimdən alıbsan? Kimdən aldığımı dedim. – Girvənkəsinə nə veribsən? – Bəy, iki manat. – Mən sənə məsləhət görürəm ki, bundan sonra evinə abırlı qonaq gələndə belə zibilləri ortalığa çıxartma. Bax gör belə çayı kimin qabağına qoyursan. Siz hər cür qarın qızdıran ələfiyyata adət eləmişsiniz; amma mən öyrənməmişəm. Bu sözləri mənə ahəstə dedi. Sonra səsini ucaltdı: – Kərbəlayı, bu çayı apar, mən şamdan qabaq çay içmirəm. Mən stəkanı götürüb xeyli pozulmuş otaqdan çıxdım, bir az keçdikdən sonra süfrə salınıb plov gəldi. Mənim arvadımın da plov bişirməkdə məhəllədə adı var. – Niyə, neçə dəfə yemişəm. Onun plovunu hər adam bişirə bilməz. – Di, dalısına qulaq as. Plovdan bir-iki tikə ağzına qoyub məndən xəbər aldı: – Kərbəlayı, bu düyünü kimdən alıbsan? Kimdən aldığımı dedim. – Bu camaat əcəb məxluqdur; gedər bazardan bir şey alsın, görərsən ancaq onu axtarır ki, girvənkədə bir qəpik ucuz olsun. Belə düyüyə məgər adam pul verər; budur, siçan qoxusu gəlir. Düyü alırsan get Hacı Mahmudun yanına, sənə gül kimi sədri düyüsü versin. İntəhası girvənkədə bir qəpik başqalardan artıq alacaq... Bu nə toyuqdur buraya qoyubsan? Bir dəridir, bir sümük; özü də elə bil Nadiri taxtda görübdür. O qədər qocadır. Mən ərz elədim ki, bəy, toyuğu bazardan almamışam, öz toyuqlarımızdandır; bildirin cücəsidir, qoca deyil. Bundan bəy daha da hirsləndi: – Mən yediyimi də, dediyimi də düşünürəm. Bu səbziqovurma nədir burada? Bunu apar özün kimi pirkeşiklərin qabağına qoy. Abırlı adamların qabağına belə xuruş qoymazlar. Bunu da gələcəkdə bil. Xuruşların əlası fisincan və mütəncam olar. Xülasə, mənim çörəyimi bilmərrə minnətdən salıb, durub getdi. * * * İndi gələk söhbətin şirin yerinə. Ay ötdü, il dolandı. Azərbaycanda Şura hökuməti quruldu. Bəyin evi keçdi hökumətə; özünü bir-iki dəfə tutub boşladılar, İndi sabiq mülkündə bir otaq veriblər, orada yaşayır. Beş-on gün bundan qabaq, gedirəm evə, gördüm bəy mənə tərəf gəlir. – Salaməleyküm! – Əleykümsalam. – Ay Kərbəlayı, belə qonşuluq olmaz; heç adamı itirib-axtarmırsan; demirsən: “Mənim burada bir qonşum var idi. Heç gözümə dəymir, ölübdürmü, sağdırmı?” – Nə bilim, ay bəy, qulluq adamıyam; sübh tezdən durub gedirəm kooperativə, axşam da yornuq gəlib başımı atıram yerə. Bu gün mənim bikar günümdür. Getdim qızımın özünə, uşaqlarına baş çəkdim, indi gəlirəm evə. Buyurun qonağımız olun, hərçənd elə bir ləyaqətli də xörəyimiz yoxdur. Arvad bir az bozbaş bişiribdir. Əgər meyliniz çəksə, buyurun! Bəy o saat razı oldu: – Niyə, bozbaş yaxşı şeydir, cana qüvvət verər, gedək. Bəy gəlib əyləşdi. Arvad bozbaşı bir kasaya töküb göndərdi. Başladıq yeməyə. Bəy dedi: – Bozbaşınkı odur ki, onu kasaya töküb, içinə çörək doğrayıb, qarışdırıb əllə yeyəsən. Mən dedim: – Bəy, meyliniz necə çəkir, buyurun. Bəy başladı iştahla bozbaşı içəriyə ötürməyə və yedikcə də tərif elədi. – Kərbəlayı, getdiyin ağa haqqı, mən İndiyədək belə ləzzətli bozbaş yeməmişəm. Mən aşpazıma ayda yüz manat məvacib verirdim. O da belə bozbaş bişirə bilmirdi. Var olsun bunu bişirən əllər. Afərin! Mən dedim: – Bəy, bilsəydim bəndəxanəyə təşrif gətirəcəksiniz, başqa növ bozbaş bişirdərdim. Bozbaşa lazımdır pomidor suyu vurulsun, albuxara salınsın, yoxsa burada bir noxud, bir də kartofludan sivay bir şey yoxdur. – Xeyr, onlar artıqdır, iş pomidorda, filanda deyil, bişirməkdədir. Çox dadlı bozbaşdır; məndən bacıya salam yetir, degilən sağ olsun. Əlləri var olsun. Bozbaşdan sonra bəy bir stəkan şirin çay içib durub “xudahafiz” edib getdi. Bu dəfə çaya heç bir diqqət tutmadı. * * * Müsibət Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi. Hacı Səlimin övladı yox idi; onun işlərinə arvadının qardaşı baxardı; özü ildə bircə dəfə səyahətə çıxıb şöbələrinə və əmlakına nəzər yetirərdi. Hacı Səlimin ölüm xəbəri, onun əsil vətəni olan şəhəri bir-birinə qatmışdı. Böyük bacısının evində böyük təziyə məclisi qurulub gələn camaata çay, qəhvə, plov verilməkdə idi. Axundlar qarınlarını və ciblərini hazırlamışdılar. Şəhərin arvadları dəstə-dəstə hacının böyük bacısı Pərinisənin evinə dolubboşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Hacının dörd bacısı: Pərinisə, Gülnisə, Şərəfnisə və Mələknisə məclisin ortasında özlərini saç-saça bağlayıb başlarına, sinələrinə yumruq çırpıb “qardaş vay” deyirdilər. Ağıçı Şahbaz qızı Minanın bayatıları bir ağac yol gedirdi. – Laylay qara beşik, illəllah qara beşik... Səndən neçə cavanlar gedib, səndən neçə igidlər gedib, səndən Hacı Səlim tək şahlara, xanlara baş əyməyən, yeridiyi yerə minnət qoyan, evi yurdsuzlar yurdu, qapısı köhlən atlı, dörd bacını yiyəsiz qoyan bir qardaş gedibdir. Xarab ev, xarab eşik... he...y! Ağıçı Minanın səsinə arvadlar hamısı “he...y” deyib səs verirdilər və dalısınca “şaxsey-vaxsey”, “şaxsey-vaxsey” səsi ucalaşırdı. Bacıların hər birisi bir dil ilə qardaşını oxşayırdı. Pərinisə – Oğul-qız üzünə həsrət gedən qardaş vay! Gülnisə – Qoltuğunun hesab dəftərinə bacın qurban qardaş! Şərəfnisə – Qapında dəstə-dəstə əli bağlı duran pirkeşiklərinə bacın qurban, qardaş! Mələknisə söz tapmayıb “gözüm çıxsın, ay qardaş, bacın öləydi sənin bu gününü görməyəydi, ay qardaş; dörd bacın sənə qurban olaydı, ay qardaş” deyə sinəsinə, başına yumruq çırpırdı. Pərnisə – Ay qardaş, mən səndən sonra dünyada qalmayacağam. Vallah, zəhər yeyib özümü öldürəcəyəm. Ay Allahı sevən, vurun məni öldürün. Qardaş hey, qardaş hey! Hardasan ay qardaş, bircə bacının səsinə səs ver! Bacılar dördü də səs-səsə verib “qardaş vay” deyə başlarındakı tüklərin yarısını yolub yerə tökdülər. Gözlərin yaşları, dırnaqları ilə dartıb dağıtdıqları yanaqlarının qanı sifətləri uzunu axırdı. Yaxın qohumları, gələcəkdə böyük sərvətə malik olması bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən bacıların qollarından tutub onları saxlamaq istəyirdilərsə də, fayda vermirdi. Bacılar dartınıb, onların əllərindən çıxıb üzlərini cırıb, saçlarını yolub başlarına yumruq çırpırdılar. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Bir həftə keçdikdən sonra böyük bacı Pərinisənin əri öz arvadından və üç baldızından vəkalətnamə alıb Türküstana rəvan oldu. Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş bir qohumu qəbul edən tək istiqbal edib bir neçə gün ehtiram ilə müsafir saxladı. Axır müsafir, Hacı Səlimin bacıları tərəfindən vəkil olub gəldiyini və Hacı Səlimin əmlakının ona təhvil verilməsini tələb etdi: – Söz yox ki, sizin bacınız öz şəri hissəsini qanun üzrə aparacaqdır. Qalan pul və əmlak hacının bacılarına çatasıdır və mən də onların tərəfindən vəkil gəlmişəm. Oğlan durub sandıqdan natariyus tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirinin qabağına qoydu. O kağızdan məlum olan bu idi ki, Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir. İki gün sonra Hacı Səlimin bacılarına Türküstandan bu xüsusda bir teleqram gəldi. Teleqram Pərinisənin ərinin divanda iş başlamasının da xəbərini vermişdi. Bacılar teleqramı oxuyub, qoydular ortalığa. Pərinisə – İndi bunun adını nə qoyaq? İndi buna deyən gərək a... rəhmətlik, məgər heç bir dəfə də sənin fikrinə gəlmədi ki, mənim dörd bacım var, bu milyonlardan onlara da bir az saxlayım. İndi hər şey yola gedər, kişi gəlib məndən soruşmayacaqdırmı ki, “ölən qardaş sənin, mənim pullarımın təqsiri nə idi ki, plova verib gəlib-gedənlərin qarınlarına doldurdun?” Mən nə cavab verəcəyəm? O durub mənim qardaşımın goruna min dəfə söysə, mən nə deyə bilərəm? Bilirsiniz, bacılar, bu ziyan hamıya dəyibdir; xərci dörd yerə böləcəyik, hər kəs öz hissəsini gətirib ortalığa qoyacaq, yoxsa gücün hamısı böyük bacıya dəysin? Gülnisə – Bir qəpik də verən deyiləm; mənim pulum haradandır? Ərim bir kasıb kişidir, pulu haradan alır, gətirib ortalığa qoysun? Sənə kim deyirdi xərc çək, ərin qolunu çırmadı, girdi ortalığa; kabab qoxusuna getdi, gördü eşşək dağlayırlar. Ona biz nə eləyək? Pərinisə – A bacı, belə niyə deyirsən? Məgər ölən... dilim qurusun... yenə ağzıma gələni demişdim... Məgər ölən qardaş sənin də deyilmi? Gülnisə – Elə ölən qardaş dərin getsin, ciyərim yandı, qoy ürəyimi boşaldım. Hər bacısına bir on min manat qoysaydı, canı çıxardı. Şərəfnisə – Mən də bircə qəpik verən deyiləm. Ərin gələr, bizim payımızı gətirər. Xərcini üstündən götürərsən. Bəs zakon heç demiyəcəkdir ki, bu... bu rəhmətliyin bacıları da var. Pərinisə – Sən əmin ol, pul yük ilə gələcəkdir. Onun arvadı elə ustadır ki, onun əlindən bizə bir qəpik düşməyəcəkdir. Onu mən tanıyıram. O, mənim qardaşımı tovlayıb Türküstana aparanda, mən işimi bilmişdim. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Mələknisə – İndi belə qardaşın goruna söyməyib nə deyəsən? Bacılar söylənə-söylənə durub dağıldılar. Hacı Səlimin vəfatından qırx gün keçmişdi. Pərinisə pəncərədən baxıb dəstə ilə təziyəyə gəlməkdə olan arvadları görüb çıxdı qabaqlarına və dedi: – Ana-bacılarım mən təziyə saxlamıram. Hacı Səlim var-yoxunu arvadına qoyubdur, gedin onun arvadını tapın, evində təziyə tutun. Gedin, bacılar, mənim daha sizə verməli çayım, qəhvəm yoxdur. Bir neçə gündən sonra Pərinisənin əri Türküstandan əli boş qayıdıb gəldi. * * * Ovçu Qasım Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək: – Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm. – Xeyr, əfəndim, nə buyurursunuz! Biz heç vaxt sizin söhbətinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördüyünüz halət ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz. Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söyləməyəcəkdir. Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardandır. Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərindən, dörd ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəngsiz gedərkən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib vaxtın xoş keçməsinə səbəb olur. Bu da qeyd edilməlidir ki, ovçu Qasımın uydurma söhbətləri fəqət ova dairdir. Qasım iş yalanı deməz. Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir böyük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzında “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı. Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu, damın taxtalarının arasından keçdikdə fabrika borusu tək fit verirdi. Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi: – Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib rəfiqlərlə vaxt keçirəsən. Qasım bu sözə şərik olmadı. – Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün müsaid olur. Mən belə bir gündə, iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşəsində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəldim ki, səhər araba aparıb gətirim. Ayıların yerlərini və yolu da nişanlamışdım. Səhər araba ilə gəldim gördüm kürdlər zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar. – Qasım, ayının dördünü də tək özün öldürdün? – Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gümüş olar. Bu halda Gümüş öz adını eşidib “ham!” elədi. Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü. Qasım söhbətinə davam elədi: – Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ördək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim. – Buyur. – Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından ötərkən gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur. Yoldaşlardan birisi Qasımın sözünü kəsdi: – Ay Qasım, axır ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik. Qasım hirsləndi: – Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmazlar. Ancaq bu yerin ördəkləri başqadır: buranın ördəkləri çəpərə də qonarlar, hələ desən, ağaclarda yuva da tikərlər. Gümüş “ham” eyləyib sahibinin sözlərinə şərik oldu. Qasımın pərt olmağını görüb hamımız etiraz edən yoldaşı məzəmmət edib sakit etdik. – Qasım, söhbətini elə, görünür, bu adam xamdır. Qasım davam etdi: – Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur... Yox... nələt yalançıya, altı deyildi, beş idi. Gümüş “ham” edib hürdü. – Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fikirdən sonra tüfəngin sünbəsini çıxarıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə. Biz buna bərk gülüşdük və Gümüş də “ham” edib hürdü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi. Hamımız Qasımın hünərini tərif etdik. Qasım durub, çay töküb öz əli ilə hər adamın qabağına bir stəkan qoyub dedi: – Sizə qırqovuldan söyləyim. – Buyur, Qasım. – Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gərək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər ata minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki, mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlananda bağlanır, Gümüş də yanımda idi. Gümüş “ham” edib cavab verdi. – Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfəngim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qamçının qol halqası keçdi qırqovulun boğazına və bu halda quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmay caqsınız: sizin hamınızın meyitini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qırqovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda bir balaca qamçı var. Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” eləyib bayıra çıxdı. Hacı leylək (Ovçu Qasımın hekayətlərindən) Qardaşlar, sizə quşların həyatından çox söyləmişəm. Nə etməli, ovçunun başqa söhbəti olamı bilər? Quşların, heyvanatın aləmi ovçunun da aləmidir. Onların həyatı bizim həyatımızdır. Xalq bizi quşlara, heyvanlara düşmən hesab edir, deyir: – Ovçu ki bir quşu, ya bir heyvanı gördü, güllə atmaya bilməz. Belə deyil: mən bir dəfə meşədə ov etdiyim zaman bir talaya yovuqlaşdım. Baxdım bir qırqovul xoruzu özünü mərdanə çəkib durmuş, yanında dişisi, ətrafını cücələr bürümüş, otlayır. İndi özünüz söyləyin, elə təşəxxüslə öz ailəsi içində durmuş qırqovula mən gülləmi ata bilərəm? Mənim qolum quruyar. Quşlara yovuq olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymaz. Onlarda bir-birlərinə dostluq, düşmənlik, məhəbbət, rəqabət, qısqanclıq görmək mümkündür. Göyərçinlərin ər-arvad sədaqəti insanda ola bilməz: qəflətən göyərçinin birinə güllə dəyəndə, onun yoldaşının nə hala düşməsini hamınız bilirsiniz. Yainki bizim bu dədə-baba sağsağanımız. Sağsağan ki, bir ziyankar quşdur; heyvanın belində bir balaca yara gördü, onu dimdiyi ilə açıb böyük yaraya döndərib, heyvanın ətini dartıb yeyəcək. Sağsağanda bir yaxşı xasiyyət də var. Baharın yağınlıq ya quraqlıq olacağını sağsağanlardan bilmək olar. Sağsağanlar yuva tikən vaxt diqqət edin, yuvanı ağacın başında tikərsə, yəqin bahar quraqlıqla keçəcəkdir, yox, ağacın qalın yerində tikərsə, bilin, bahar yağınlıq olacaqdır. Mən sizə hacıleylək həyatından bir nağıl deyim: Bərdənin yaxınlığında Quzanlı deyilən bir kənd var. O kəndin hər bir böyük ağacına baxsanız neçə hacıleylək yuvası görərsiniz. On və on iki yaşım olduğu vaxtlar mən orada yaşayırdım. Bizim həyətdə uca bir çinar vardı. Çinarın başında hacıleylək yuva tikmişdi. Bir dəfə ağacın başına dırmaşıb yuvanın içinə baxdım, yuvada bir neçə dənə yumurta var idi. Mən yumurtaların birin götürüb düşdüm yerə, sonra bir dənə çalağan yumurtası aparıb yuvaya qoydum. Neçə vaxt keçdi. Bir gün gördüm, ağacın başında qiyamətdir. Azından əlliyədək hacıleylək cəm olub yuvadakı çalağan balasına tamaşa edirlər. Bir azdan sonra leyləklər dişi leyləyin üstünə tökülüb onun tamam tükünü yolub özünü də yuvadan götürüb atdılar. Leylək hərçi istəyirdi yuvasına qayıtsın, vurub salırdılar. İki gündən sonra erkək leylək gedib özünə təzə bir yoldaş gətirdi. Təzə gələn dişi leylək, yuvadakı quşların hamısını öldürüb yuvadan yerə saldı və özü yumurtlamağa başladı. Qovulmuş leylək, özündə heç bir günah bilməyərək gecə-gündüz yuvasının ətrafında dolanmaqda idi. Bir gün arvadlar qapıda təndir salıb çörək bişirirdilər. Dul leylək yenə həmişəki tək öz yuvasının ətrafında dolanırdı. Hərdən bir istəyirdi yuvasına gəlsin, əri və təzə gəlmiş arvadı bunu vurub qaytarırdılar. Zavallı hacıleyləyin dili olsa idi, yəqin ərini və onun sair qohuməqrəbasını günahsızlığına inandırardı, nə etsin ki, dili yox idi. Birdən zavallı quş bacardıqca ucaya qalxıb, göyün üzərində bir-iki dövran vurub güllə tək özünü çırpdı təndirə. Arvadlar çalışıb onu çıxardınca heyvan yanıb tələf oldu. Bu keyfiyyət mənim yadıma düşdükcə, özümə heyrət edib deyirəm: nə üçün mən bu bəd əməli tutub, yazıq quşun bu faciəsinə səbəb oldum? Günah uşaqlıqdadır, yoxsa mən heyvanatın düşməni deyiləm. Sərçə (Ovçu Qasımın hekayətlərindən) Sizə bir hekayə söyləyəcəyəm, deyəcəksiniz ki, yenə Qasım uydurmalarını başladı. Sizi inandırıram ki, bu, uydurma deyil. Öz gözlərimlə gördüyüm keyfiyyətdir. Mənim rəhmətlik atam həmişə deyərdi: “Oğul, bir doğru ki yalana oxşadı, onu demə”. Mənim bu hekayətim yalana oxşayır, amma sizin canınız üçün, sırf həqiqətdir. Neçə sənə bundan əqdəm Tərnəvidə getmişdim. Orada Molla Abbasla işim vardı. Hamınız bilirsiniz ki, Tərnəvidin xalqı arıçılıqla məşğul olurlar. Molla Abbasın özünün də neçə səbət arısı vardı. Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyləşib söhbət edirdik. Mollanın arvadı da dəyirmanlıq üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm əlindəki bir uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib, bir buğda apardı. Hər ikimiz təəccüb etdik, buğda arının nəyinə lazımdır? Hərçi fikir etdik, bir şey duya bilmədik. Bir azdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi: – Arı gəlib bir də buğda aparsa, bu qocalığıma baxmayaraq, onun dalınca gedəcəyəm. Mən cavabında dedim: – Mənim ayaqlarım bərkdir, mən gedərəm və xəbər gətirərəm. Həqiqət, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi mən getdim, arı getdi mən getdim. Endik bir dərəyə. Arını gözdən qoymayıram. Baxıb nə gördüm? Sizin canınız 1 Ağdam yaxınlığında kənddir. üçün, bir zərrə sözümdə yalan yoxdur. Gördüm kolun altında bir kor sərçə oturub, arının dızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi. Mən tamam heyrətlə qayıdıb, gördüyümü Molla Abbasa nağıl etdim. Molla Abbas bir qədər fikrə getdi, sonra bir salavat çevirib dedi: – Böyük möcüzdür. Qulaq asanlar bu nağılı Qasımın uydurmalarından hesab edib əhəmiyyət vermədilər. Belə nağıllardan ovçu Qasımın dilindən çox eşitmişdilər. * * * Qisas Müsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”. Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar. İki polis nəfəri kənardan durub laqeydanə baxırdılar. Meydanın bir tərəfindəki uçuq evin divarının üstünə çoxlu qadın və çocuq yığılıb hadisəyə tamaşa edirdilər. Bir nəfərə yavıqlaşıb xəbər aldım: – Qardaş, bu nə mərəkədir? – Nə mərəkə olacaqdır? Bu İki nəfər filan-filan olmuşlar bizim hamımızı binamus eləyiblər. Biz Nəsir bəyi görəndə xəcalətimizdən başımızı qovzayıb onun sifətinə baxa bilmirik. İki nəfər cavan müsavat zabiti ortalığa atılıb qışqırdılar: “Camaat, sizin işiniz yoxdur, biz İki qardaş bu saat bunların cəzasını sizin gözünüzün qabağında verərik”. Qardaşlar hər ikisi şaşqalarını sivirib hücum etdilər. * * * Əhvalatı başdan söyləyək. Şəhərdə Nəsir bəyi və onun qohum-əqrəbasını tanımayan və onlardan qorxmayan yoxdur. Vay o şəxsin halına ki, Nəsir bəyin, ya onun qohuməqrəbasının haqqında bir nalayıq söz danışsın və ya küçədə getdiyi yerdə təsadüfən onların birisinə toxunsun, yainki küçədə salam verməsin. Belə adam iki günün içində yox olacaqdı. Nəsir bəy özü, ya əqrəbası adam öldürməzdilər, belə işlər üçün onların xüsusi “adamları” var idi. Bu adamları mehmanxanalarda, restoranlarda, çayxanalarda, hamamlarda... hər yerdə tanıyardılar. Restorana daxil olub, nahar yeyib, durub gedərdilər. Xidmətçi gəlib pul istəyəndə restoran sahibi qəzəbli deyərdi: – A gədə, işin yoxdur, bunlar Nəsir bəyin adamlarıdır, mənim əziz qonaqlarımdırlar. Xoş gəldiniz, göz üstə gəldiniz, bu restoran sizə qurbandır. Restorançının, sözü yox ki, dili dediyini ürəyi demirdi. Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Bəy bunlarla yoldaşcasına, zarafatyana söhbətlər edərdi. Söhbət arasında birdən deyərdi: – Ay uşaqlar. Siz filan oğlu filankəsi tanıyırsınızmı? Bir nəfər cavabında durub deyərdi: – Bəli, mən tanıyıram, bizim qonşuluqda olur... Necə, bəy? – Heç mənim xoşuma gəlmir. Deyəsən o da qoçuluq fikrinə düşübdür. Mənim yanımdan bu gün belə təşəxxüslə ötdü ki, guya alçaq dağları o yaradıbdır. Papağı endirib gözünün üstünə, təmkinlə qədəmlərin ataraq yeriyir, guya bu adamları gözü görmür. Ona bir qulaq burması eyb eləməz. Sabahdan şəhərə bir xəbər düşəcəkdi ki, filan oğlu filankəsi bu gecə öldürüblər. Belə adamlardan hər ay, ayda bir neçəsi öldürülərdi və hamısının da qanı arada gedərdi. Çünki polis idarələri hamısı bəyin əlində idi: hamı pristavlar bəyi görəndə ikiqat baş endirərdilər. Bəy faytonla getdikcə qaradovoylar şux ona “çest” verərdilər və bəy də bunun müqabilində pul çıxarıb onların üstlərinə atardı. Nəsir bəy şəhərin yavıqlığında vaqe bir kəndin “quru bəylərindən” idi. Demək olar ki, haman kəndin əhalisinin əksəri onun kimi “quru” bəylərdən və qohum-əqrəbasından ibarət idi. Bunların adları bəy idi. Zahirən hamısı sadə kəndli sifətində, hamısı əkinçi, cibləri boş, yavan çörəklə dolanan, amma bəyliklərinə həmişə fəxr edən və sair camaatdan özlərinə ehtiram gözləyənlərdəndilər. Camaat ehtiramı isə ancaq onların adlarına bir “bəy” ləfzi qoşmaqdan başqa bir şey deyildi. İttifaqən bu bəylərin əkin yerlərində neft göründü. Bəylərin özlərində pul töküb quyu vurdurmaq, ya buruq qoydurmaq məqduru yox idi. Bu yerdə sair mədənçilər bunların köməyinə gəldilər. Bəylərin yerlərini çıxacaq neftdən müəyyən faiz vermək şərti ilə icarəyə götürdülər və qabaqca da bir qədər “avans” verdilər. Bir neçə sənədən sonra gördüyümüz quru bəylər hamısı milyonçu oldular. İndi bunların “təşəxxüsləri yer yırtırdı”. Bununla belə, camaatın ehtiramını yenə qazana bilmədilər. Bəylər fikrə getdilər: “Bu yaramaz. Biz milyonçu adamlar, öz yerimizin camaatı nə üçün bizim hörmətimizi saxlamasın, görəndə baş əyməsin, buna bir tədbir gərək”. Çox fikirləşdikdən sonra qət etdilər ki, hər birisi başına bir neçə qoçu cəm edib, onlara məvacib təyin edib, sair camaatı qorxuda saxlasınlar. Onlardan boyun qaçırdanları öldürüb ortalıqdan çıxartsınlar, pul zoru ilə polis qulluqçularını əllərində saxlasınlar. Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Həqiqət, camaat qorxusundan bunların məclislərdə tərif edib, görəndə ikiqat baş əyməyə başladılar. Nə etməli, can şirin olar! Xülasə, pul zoru ilə bəylər tamam şəhəri və həvalini dəhşət içərisində saxladılar. Şəhər əhalisindən Nəbi İsmayılov adlı bir şəxsin bir vəcihə qızı var idi. İsmayılov, fəqir, öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Köməksiz olduğundan, qızını bir nəfər qoçaq cavan oğlana nişanlamışdı. Qız bir qədər rus-türk məktəbində oxuyub savadlanmışdı və çadradan qaçıb açıq gəzirdi. Nəsir bəyin zabit oğlu bu qızı görüb öz ürəyində onu ələ gətirməsini qət etdi. – Mən adam göndərib Nəbinin qızını istəyərəm. Kəndlinin birinə verincə mənim kimi bəy oğluna versin. Verməzsə, pulum var, zorum var, atasını yandırıb alaram. Cavan bəy oğlu çox xərc çəkdi. Şəhərin məşhur “yengələrini” qızın və atasının yanına göndərdi. Bir nəticə vermədi. İş qaldı zora. Bir gün zabit bir nəfər ifritəni qızın yanına göndərib belə bir sifariş elədi: – Ya gərək bu gecə mənimlə bahəm restoranda vaxt keçirəsən, yainki atanın, ananın və adaxlının başından keçəsən. Təklifim qəbul olunmasa, bu gecə onların hamısını qıracağam, gecə saat onda filan yerdə səni gözləyəcəyəm. Qız xəlvətə çəkilib bir qədər ağladı. Başına döydü. Axırda fikir etdi, o mənə nə edə bilər, ata-anamın xatirəsi üçün, gedib onunla şam yeyib qayıdaram evimizə. Qızın ata-anası yatandan sonra xəlvət evdən çıxıb, müəyyən yerə gəlib, orada Nəsir bəyin oğlunu tapıb, onunla bir yerdə getdilər restorana. Nəsir bəyin oğlunun, qızının dalına düşdüyünü və onu istədiyini adaxlısı bilirdi. Ona görə də gecə-gündüz nişanlısının evinin ətrafında dolanıb qarovul çəkirdi. Nişanlısının Nəsir bəyin oğlu ilə faytona mindiyini görüb, özü də bir faytona oturub bunların arxasınca çapdı. Bunları restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. Zabit durub qapını açanda, onu itələyib içəri daxil olub, başına İki güllə vurub çıxıb getdi. * * * Sübh Nəsir bəyin oğlunun öldürülmək xəbəri şəhərə yayıldı. Şəhərin cəmi qoçuları bir-birinə dəydilər; hamısı oğlanın qanını almağa “əl-Quran” etdilər. Hər bir qoçu, Nəsir bəyin ondan razı olması üçün heç bir “fədakarlından” çəkinməzdi. Qoçular dəstələrini cəm edib, gedib qatili və qardaşını tutub, yuxarıda göstərdiyimiz meydana gətirdilər. Burada onları əhatə edib ancaq föhş verib, ağızlarına gələn latailatı deyirdilər. Bunlar də ölümlərini gözlərinin qarşısında tutub cavabdan çəkinmirdilər. Axır bir nəfər köhnə qoçu ortalığa atılıb qışqırdı: – Ay camaat, daha söyüş-möyüş kifayət edər. Bu it oğlanlarının dillərini kəsmək lazımdır. Bu halda iki cavan qardaşlar, hər ikisi zabit, ortalığa çıxıb dedilər: – Yoldaşımızın qanını özümüz alacağıq. Bu sözlə tapançalarını çəkib qatilin və qardaşının cansız cəsədlərini meydanın ortasına yıxdılar. Sonra böyük qardaş, şaşqasını sivirib, qatilin başını kəsib Nəsir bəyə ərməğan apardı. * * * Nəsir bəy öz otağında məyus oturmuş idi. Hərdənbir dəsmalını çıxardıb gözlərini silirdi. Ətrafında əyləşən beş-on nəfər xahan ona təsəlli verirdilər. – Biz ölməmişik ki, sənin oğlunun qanı yerdə qalsın. Onu öldürənlərin tamam nəslini yer üzündən götürəcəyik. Bu halda qapı açıldı, cavan zabit daxil olub qatilin başını atdı Nəsir bəyin ayağının altına və çəkilib kənarda durdu. Nəsir bəy başını qaldırıb məyus bir tərzdə dedi: – Çox sağ ol, oğlum, səndən çox razı oldum. Cəm olanlar hamısı ona afərin dedilər. Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi! Küçə qapısında cibindən bir gümüş papiros götürüb yandırdı. Sonra bir fayton çağırıb, əyləşib buyurdu: – Kazinoya sür! Söyüş İstəyənlər, dostlar * * * Pristav və oğru (Mükalimə) P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. O ğ r u – Bəy, and olsun o görükən İmamzadəyə, mənim xəbərim yoxdur. P r i s t a v – A məlun, utanmırsan, yalandan and içirsən? Doğrusunu de görüm, sənmi aparıbsan? O ğ r u – Bəy, and olsun səni və məni yaradana, and olsun Qurana, xəbərim yoxdur. P r i s t a v – Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. O ğ r u – İxtiyarın var, ay bəy. Amma and olsun on iki imama, peyğəmbərə, xəbərim yoxdur. P r i s t a v – Bəs belə (yasavullara). Ay uşaqlar, vurun məlun oğlu məlunu. Yasavullar oğrunu yıxıb çox döyürlər. O ğ r u – Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim. P r i s t a v – Uşaqlar, əldən qoyun. (Oğruya) Dur ayağa. O ğ r u (ayağa qalxıb) – Ay ağa, öldürmə məni. And olsun atam getdiyi Kərbəlaya, xəbərim yoxdur. P r i s t a v (yasavullara) – Basın yerə! Gərək ağlın başına gəlincə səni döydürüm. Vurun! Yasavullar yenə yıxıb döyürlər. O ğ r u – Bəy, məni balalarının başına çevir. Ay! Ay! Vay öldüm! Vay çatladım! Atam sənə qurban, ay bəy, öldürmə məni! P r i s t a v – Doğrusunu deyərsənmi? Heyvan oğlu heyvan. O ğ r u – Deyərəm, qurbanın olum. Hamısını deyərəm. P r i s t a v – Durğuzun bu kafir oğlunu. (Yasavullar durğuzurlar). De, söylə görüm. O ğ r u – Ay bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin, əgər o öküzdən mənim xəbərim varsa. P r i s t a v (yasavullara) – Siz çölə çıxın. (Oğruya) A gədə, yavuğa gəl! (Oğru qorxaraq yavuğa gəlir.) Lotu, mən ölüm doğrusunu de, öküzü sənmi aparıbsan? O ğ r u – Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən. Yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam. Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi. Bu axırıncı cümlə latın əlifbası ilə yazılaraq, hekayənin axırına əlavə olunmuşdur. * * * İanə Kömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı. Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi. Teymurdan sonra Fatmanisə cəmi məhəbbətini balaca Əmirə saldı. Bir gün uşağı durduğu yerdə uçunma tutdu. Fatmanisə çox qorxdu. Nəhayət, uçunma tez dəf oldu. Bir neçə gündən sonra uçunma uşağın üstünə dübarə gəldi. Fatmanisə qonşusu Hüri qarını çağırıb məsləhət elədi. Hüri qarı dedi ki, uşağın üstündən “şeşə quşu” addanıb, ona dua yazdırmaq lazımdır. Apararsan Molla Əlyarın yanına, dua yazar, uşağın sağalar. Haman günü axşam Fatmanisə Molla Əlyarın evində oturub yalvarırdı. – Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi. Xülasə, mənim balamın dərdinə əlac elə. Molla Əlyar bir kitab açıb qoydu qabağına. Kitabın içində bir dairə çəkilmişdi. Dairənin ortası və kənarları yazı və şəkillərdən ibarətdi. Molla cibindən bir girdə mıncıq çıxardıb, dua oxuyub atdı dairənin üstünə. Mıncıq düşən yerə baxandan sonra başqa bir kitab açıb, oxuyub dedi: – Uşağa gərək dua yazılsın, özü də bu saat və duanın qiyməti də bir manatdır. Bir manat sözünü eşidəndə Fatmanisənin boğazı qurudu, başladı yalvarmağa: – Molla Əlyar, oxuduğuna qurban olum, bu saat cibimdə bircə abbası pulum var, manata gücüm çatmır. Molla cavabında dedi ki, bir manatdan bir qəpik əskik olmaz. Gedə bilərsən. Arvad yenə yalvardı: – Ay molla, ayağının altında ölüm, bu bir abbasını al, qalan pulunu da sabah evdən bir şey satıb gətirərəm. Molla sözünün üstündə möhkəm durdu. – Bir manatdan əskik olmaz. Baş ağrısı vermə, dur get! Fatmanisa mollanın evindən çıxıb, ağlaya-ağlaya yolla gedirdi. Müamiləçi Zeynal evin qabağındakı iskəmyənin üstündə əyləşib, çırt çubuğu çəkməyə məşğul idi. Fatmanisəni ağlar gördükdə xəbər aldı: – Bacı, nə olubdur sənə, niyə ağlayırsan? – Necə ağlamayım, ay qardaş, uşağın üstündən “şeşə quşu” addayıbdır. Aparmışam Molla Əlyarın yanına, o da məndən bir manat dua pulu istəyir. Mənim də bircə abbasım var. – Ağlama, bacı, mən sənə bir manat verərəm, apar dua yazdır. – Ömrün uzun olsun, cibin bərəkətli olsun. Bu canım sənə qurban! Zeynal Fatmanisəyə bir üçlük verib dedi: – Al bu üçlüyü apar, bir manatını mollaya ver, iki manatını qaytar gətir buraya. Mən burada əyləşib səni gözləyəcəyəm. Fatmanisə üçlüyü alıb, dua-səna edərək mollanın evinə tərəf qayıtdı. Bir az vaxt sonra qayıdıb Zeynala İki manat verib, çoxlu dua elədi. Zeynal xəbər aldı: – Bacı, məndən razı oldunmu? – Necə razı olmayım, mən ölmüşdüm, məni diriltdin. – Molla da ki, razı oldu? – Necə razı olmadı? Pulu cibinə qoyub, neçə dəfə “Allah bərəkət versin” dedi. – Mən də çox razı oldum, çünki üçlük qəlp idi. Gərək insan elə iş tutsun ki, hamının razılığı əmələ gəlsin. * * * Yeni təbabət Həmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi. Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar. Günorta namazından sonra qonaqlar bir-bir gəlməyə başladılar: hamıdan sonra axund cənabları məiyyətində iki nəfər molla təşrif gətirdilər. Sərdar istiqbala çıxıb kəmali-ehtiramla axundun qolundan yapışıb yemək otağına apardı və özü ilə bərabər əyləşdirdi. Həzərat hamısı ayağa qalxıb axunda təzim etdilər və axund əyləşdikdən sonra hər kəs öz yerində əyləşdi. Süfrə salındı, neçə növ şərbət süfrəyə düzüldü. Dalınca xuruşlar bir-bir gətirilib qoyuldu; şahbalıt müsəmması, badımcan müsəmması, fisincan, çığırtma, axta xuruş, badamlı mütəncəm, səbziqovurma... – xülasə, xuruşları saymaq ilə qurtarmaz. Əl suyu verildikdən sonra otaq plov ətri ilə doldu. Dalınca müəttər zəfəranplov məcməyidə gətirildi və bir plov dağı sərdar ilə axundun qabağına qoyuldu. Axund əli ilə plova işarə edib dedi: – Sərdar, bismillah. – Buyuracaqsınız, axund. – Xeyr, yol sizİndir. – Bu şəhərdə ən möhtərəm şəxs bu halda sizsiniz, buyuracaqsınız. – Ərz edirəm ki, yol sizİndir. – Gəldiyiniz Kərbəlaya and olsun ki, sizdən qabaq plova əlimi də uzatmaram. Bu söz axundu tutdu. Qollarını çırmayıb plova hücumavər oldu. Hər bir şilləsində plovun bir yanı açılırdı. Xan iki dəfə əlini uzadınca axund beş loğma götürüb balaxəndəyə ötürürdü. Gah o xuruşdan, gah bu xuruşdan qarmalayıb plova qarışdırıb udurdu içəri. Gah şərbəti kasası ilə başına çəkirdi. Xan baxdı gördü ki, hərif əlinə keçibdir. Öz-özünə dedi: “Belə həriflərdən neçəsini yola vermişəm. İndi isə bununla mübarizə edəcəyəm”. Vurhavuru saldılar. Plov və xuruş bir yandan gəlib sərdar ilə axundun qabağına qoyulurdu və fövrən də nəcib mədələrə keçib orada qərar tuturdu. Bir qədər belə keçdikdən sonra xan əlini çəkib özünü məğlub elan etdi. Axund isə bundan sonra beş adamın xörəyini yeyib dayandı. Qəhvə və qəlyandan sonra qonaqlar durub dağıldılar. Axund haman gecə Allahın rəhmətinə vasil oldu. Xan isə bərk xəstələnib yorğan-döşəyə yıxıldı. Xanın arvadları, əqrəbası onun halətini ölümcül görüb həkim üçün adam göndərdilər. Həkim baxıb dedi ki, sərdar cənablarının xörəklərinin bir qədər artıq düşməsindən, onda qəbuzət vaqe olub, imalə edilsə rəf olub gedər. Sərdar gözlərini açıb həzin səslə xəbər aldı: – Həkim nə buyurur? – Deyir gərək imalə olunsun. Bu sözdən sərdar qeyzə gəlib qışqırdı: – Pədərsüxtə, kimə imalə olunsun? Yoxsa istəyirsən bu saat atanı yandırım? Həkimin bədəninə titrətmə düşdü. – Söylə, pədərsüxtə, görüm, kimə imalə? Həkim titrək səslə dedi: – Mənə imalə, cənab sərdar! – Bu başqa danışıq oldu, aparın həkimi, ona imalə edin. Nökərlər həkimi aparıb yıxıb imalə elədilər. Təsadüfən sərdar mərəzdən ayıldı və o saat fərraşbaşını çağırıb əmr etdi: – Həkimi buradan bir yana buraxmayın, lazım olacaq. Belə də elədilər. Bir neçə gün keçdi. Bir sübh sərdarın hərəmxanasının xacəbaşısı gəlib baş əyib məyus dayandı. – Xacəbaşı, nə vaqe olub? – Sərdar sağ olsun, Firuzə xanımı axşamdan bir başağrısı tutub, səhərədək yata bilməyib. – Firuzə xanımın başı ağrıyır, gedin həkimə imalə edin, sağalsın. Həkimə imalə sərdarın sarayında böyük bir müalicə oldu. Hər kəs naxoşladısa, həkimə imalə etdilər. Belə ki, axırda yazıq həkim arıqlayıb çöpə döndü. Bir gün də miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edirlərsə kargir olmur. Xan hirslənib dedi: – Məlun uşağı, korsunuz? Həkimi gözünüz görmürmü? Bəs o pədərsüxtə burada müftə çörək yeyəcək? Gedin bu saat həkimə imalə edin, yoxsa at ölsə, hamınızı qıraram. Miraxur baş əyib ərz etdi: – Sərdar sağ olsun, həkimə axşamdan İndiyədək səkkiz imalə etmişik, atın sancısına bilmərrə təfavüt eləmir. Doqquzuncu imalədə həkim öldü. İndi qalmışıq məəttəl. – Niyə məəttəl qalırsınız? Şəhərin həkimi qurtarıb? Gedin bu saat axtarın bir nəfər kök, davamlı həkim tapın gətirin. Bu ölən axmaq oğlunda can nə gəzirdi, doqquz imaləyə davam gətirə idi. Di dayanmayın pədərsüxtələr, gedin! Fərraşlar həkim dalınca şəhərə dağıldılar; xan miraxur ilə bir yerdə tövləyə, atın yanına getdi. * * * Sarı toyuq Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi. Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi: – Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun övladı ola. Qızın anası da pirdən, ocaqlardan əl üzdükdən sonra, bu əmrə razı olub dedi: – Yaxşısı budur ki, Güləndam özü Əhmədi evlənməyə məcbur edə; mən onunla danışaram və onu razı elərəm. Güləndam ərini özü evləndirdikdən sonra danışmağa haqqı olmayıb dinc və dinməz oturar və əri ilə də aralarında heç bir göftigu olmaz. Qızın anası necə ki, demişdi, elə də etdi. Axşam vaxtı Əhməd qulluqdan evə qayıdanda əmisi qızında başqa halət gördü; gözləri zöhrə ulduzu tək parıldayırdı. Əmisi oğlu qapıdan daxil olan tək yüyürüb, boynunu qucaqlayıb “marçhamarç” üzündən öpdü. Sonra başladı oynayaraq və gülərək masanın üstünə qab-qacaq düzməyə. Yemək vaxtı tez-tez ərinin üzünə baxıb, gülüb başını aşağı salırdı. Əhməd İndiyədək arvadında bu haləti görmədiyindən, təəccüb edib mənasını anlamırdı. Əhməd nahar yeyib yatmaq otağına getdi, amma hərçi çalışdısa da gözünə yuxu getmədi. Əmisi qızında gördüyü halət bir an onun gözü önündən getmirdi. Axşam çayında Güləndam Əhmədə dedi: – Əhməd, sənə bir söz deyəcəyəm, əgər məni sevirsənsə, gərək “yox” deməyəsən. Əhməd cavabında: – Sənin bugünkü halətindən ürəyində bir söz olduğu aşkar görünürdü. Söylə görüm. – Əmi oğlu, bizim övladımız yoxdur və mən də açıq görürəm ki, bu halət sənə təsir edir; pəncərənin qabağında oturub küçə ilə məktəbə gedən uşaqları görəndə, ah çəkirsən... Əhməd onun sözünü kəsdi. – Sözün nədir, açıq söylə. Yəni bunu demək istəyirsən ki, mən gedim sənin üstünə evlənim? – Ay əmi oğlu, evlənəndə nə olar? Bir yaxşı balan olar, axşamadək oynadaram. Sən mənim canım, izin ver gedim sənə bir yaxşı, məndən də gözəl bir gəlin gətirim. – Əmi qızı, məgər danışmağa başına söhbət qəhətdir? Əvvəla, yüz oğulqız qurban olsun sənin bir tükünə. İkincisi, mən ömrüm olanı sən ən sivay bir qadına gözümün qulağı ilə də baxmayacağam, bu barədə sən xatircəm ol. Üçüncüsü, bizim qanunumuz Şura qanunudur; bir kişi iki arvad ala bilməz. Başqa arvad almaq üçün gərək səni boşayam, bunu da ki, yerlə göy bir-birinə qovuşsa eləmərəm. – Mən elə iş görərəm ki, şura hökumətinin xəbərdarlığı olmaz. Qulluqçu adı ilə gətirərsən evə, sonra da molla çağırarsan, gələr evdə xəlvətcə kəbinini kəsər, heç kəsin də xəbəri olmaz. – Bu sözü danışdın, elə qoy burada qalsın. – Sən özün deyirsən ki, məni canından artıq istəyirsən, amma mən sənə “sən mənim canım” deyirəm, mənim sözümü yerə salırsan. – Belə olan surətdə gəl əyri oturaq, düz danışaq. Tutalım ki, mən sənin sözünə baxıb evləndim, molla da xəlvət gəlib kəbin kəsdi, aya, ondan sonra sən davam gətirə bilərsənmi? – Niyə davam gətirmərəm? Çox göyçək davam gətirərəm. Aldığın arvadı ana-bacı kimi istərəm, ondan olan uşaqları öz balalarım kimi atıb-tutaram. – Əmi qızı, davam gətirə bilməzsən. – Onda görünür ki, sən mənə hələ dürüst bələd olmayıbsan. – Bələd olmağa ehtiyac yoxdur; qadınların hamısı bir təbiətdə olarlar. – Mən sən dediklərindən deyiləm. – İndi, deyirsən davam gətirərəm? – Bəli, deyirəm. – Xub, mən səni imtahan edərəm, görüm necə davam gətirəcəksən. Güləndamın dili danışırdısa da ürəyi nanə yarpağı kimi əsirdi. O, fikir edirdi: “Tutaq əmi oğlum evləndi. Bəlkə təzə gətirdiyi arvadı məndən çox istədi? Onda mən başımı haraya qoyaram? Çıxıb atam evinə gedərəmsə, hamı mənə tənə edər”. Deyərlər: “On ilin arvadına nə oldu ki, birdən evini-eşiyini buraxıb atası evinə getdi?” Zəhər yeyib özümü öldürsəm, daha bədtər. Yenə deyəcəklər: “Görəsən nə əməli var idi ki, xalqın üzünə baxmaqdan xəcalət çəkib özünü öldürdü”. O biri gün səhər Əhməd durub evdən çıxanda Güləndam dedi: – Əmi oğlu, sözüm sözdür, söz veribsən, möhkəm dur. – Baş üstə. Əhməd gedəndən sonra Güləndamın anası gəlib qızından xəbər aldı: – A bala, ərinlə danışdınmı? Nə dedi? – Çox danışıqdan sonra razı elədim. – Çox gözəl. Ancaq, bala davamın olsun. Bircə il davam gətirsən, adət eləyəcəksən. – Ana can, niyə davam gətirmirəm; təki onun övladı olsun. Övladsızlıq ona çox əsər edir. Mənim də ona baxanda ürəyim yanır. * * * Axşam Əhməd evə qayıtdıqda gördü bir kişi əlində neçə toyuq tutub satır. Bunların içindən bir kök sarı toyuq seçib, alıb evə gətirdi. Güləndam toyuğu görəndə xəbər aldı: – Ay əmi oğlu, bu toyuğu haradan aldın, bu nə yaxşı kök toyuqdur? Əhməd cavabında: – Bu toyuq mənim təzə arvadımdır. Kəbinini də kəsdirmişəm. Bu saat mollanın evindən gəlirəm. Güləndamın rəngi qaçdı. Əhmədin üzünə kədərli baxıb dedi: – Mən sənə söz dedim, sən də mənim sözümü lağa qoyursan? Mən səninlə zarafat etmirdim, ürək sözümü deyirdim. – Heç mən də zarafat eləmirəm. Doğru söz deyirəm. Bu toyuğu apar, balaca otaqda bağla, altına da bir həsir sal. Güləndam üzünü kənara tutaraq: – Nə borcumdur, gətiribsən, apar, özün necə bilirsən rahat elə. Əhməd ürəyində gülərək, sarı toyuğu aparıb balaca otaqda altına bir parça həsir salıb bağladı. Sonra arvadının yanına gəlib xəbər aldı: – Əmi qızı, düyü torbası haradadır? Yerini de, bir az düyü çıxardıb aparım verim toyuq yesin. Yazıq acdır. – Mən nə bilim düyü torbası hansı cəhənnəmdədir. Get dilabı axtar. Əhməd gülərək dilabdan bir ovuc düyü götürüb, aparıb toyuğun qabağına atdı. Gecə yatmaq zamanı gələndə, Güləndam Əhməddən xəbər aldı: – Bu evdə yatacaqsan, yoxsa balaca otaqda? – Balaca otaqda. Güləndam rəxti-xab götürüb getdi balaca otağa. Toyuğun yanından ötəndə ona bir təpik vurdu. Əhməd toyuğun civiltisini eşidib səsləndi: – O toyuq niyə çığıldadı? Ona nə elədin? Güləndam cavabında: – Mən nə bilim niyə çığıldadı. Gəl özün xəbər al. Mən ki, toyuq dili bilmirəm. – Ona güldən ağır söz deyərsən, ya bir əziyyət edərsən, aramızda inciklik olar. Güləndam otağa qayıdarkən gözünün yaşını sildiyini Əhməd görüb bir söz demədi. On sənənin müddətində onların aralarında belə danışıq olmamışdı. Əhməd gecə balaca otaqda yatdı. Güləndam isə gecəni sübhədək ağlayaraq keçirdi. Gecə tez-tez durub, balaca otağın qapısından qulaq verib, Əhmədin bərk yatdığını yəqin edib yenə yerinə qayıtdı. Əhməd sübh tezdən gördü Güləndam yoxdur. Ora-buranı arayıb, çıxıb getdiyini bildi. Özü üçün çay tədarük edib içib getdi qulluğuna. (Əhməd kooperativ dükanında pirkeşik idi). * * * Güləndamın anası öz evində oturub çay içirdi. Birdən qapı açıldı. Güləndam hirsli-hirsli daxil olub bir söz deməyərək əyləşdi. Anası xəbər aldı: – Ay qız, bu tezliklə xeyirdirmi? Gözlərin niyə belə qızarıbdır? Yoxsa Əhmədlə dalaşıbsan? – Nə işim var dalaşam? Əhməd özlüyündə, mən də özlüyümdə. – Axır yenə bir dürüst danış görüm, nə var? Sən sözsüz deyilsən. – Nə olacaq? Gecə-gündüz məni dəng eləyib, “ərini evləndir, ərini evləndir” deyirdin. İndi odur, itin birini gətirib mənim başıma mindiribdir. Mənə də deyir: “Onun yanından ötərsən, vay sənin halına”, on illik yoldaşını bir sarı itə dəyişibdir. Buna dözmək olar? – Ay qız, sarı it nədir? Yoxsa sarı saçlı qız alıbdır? Bu əyyamın cavanlarında din yox, məzhəb yox, onlardan hər nə bədəməl desən baş verər. Vay mənim başıma daş düşsün! Mən məgər belə demişdim? Qızcığazımın günü qara olacaq! Qız dedi: – Hamısını sən elədin. Dinc-dinməz evimizin içində oturub dolanırdıq. İndi mən gəlmişəm, daha o evə qayıtmayacağam. Qoy sarı donuzun günü xoş keçsin. Anası dedi: – Qızım, yerindən oynama, bir neçə gün səbr elə görək nə olur? Dur, get evinə, ərinə nahar hazırla. Təzə gəlin sənin qab-qazanının yerini bilmir. Axşam mən də gələrəm görüm o kimin qızıdır? Nəçidir? Ondan sonra nə lazımdır, elə edərik. Əgər ərin evində oturmaq sənə mümkün olmasa, nə etməli, gəlib ananın evində oturarsan. Hələlik, yaxşı, bala, dur get evinə. – Mən o evə qayıtmayacağam. Bu saat buradan durub birbaş gedəcəyəm “zaqsa”, ərizə verib boşanacağam. – Mənim sözümə bax, yaxşı qızım, “zaqs” durur, sən durursan. Lazım olsa mən də səninlə bir yerdə “zaqsa” gedərəm. Dur get, bu günlük birtəhər davam elə. Sabah hər iş düzələr. Güləndam anasının çox təkidindən sonra durub evinə getdi. Əhməd evə qayıdıb, Güləndamı ağlayan görüb dedi: – Əmi qızı, nə üçün ağlayırsan? Sən dedin evlən, mən də sənin sözünə baxdım. İndi bu ağlamağın mənası nədir? – Heç ağlayıb eləmirəm. Gəl otur naharını elə. – Nahardan qabaq qoy bir sarı toyuğun qarnını doyurum. Mən bilirəm sən ona bircə dənə düyü də verməyibsən. Əhməd dilabdan yenə dən götürüb, aparıb toyuğa verdi. Sonra toyuğun altındakı həsiri çıxarıb çöldə təmizləyib, gətirib altına saldı. Ondan sonra əlini yuyub, gəlib nahara əyləşdi, arvadının səhər onu çaysız qoyub getdiyi haqqında bir söz demədi. Nahar təzəcə qurtarmışdı. Güləndamın anası daxil oldu. Əhməd həmişəki kimi cəld qalxıb: “Ana, buyur, buyur” deyərək qayınanasına yer göstərdi. Güləndamın anası: – Ananın evi yıxılsın, – dedi. – Mən dedim özüm gəlim sənə bir halal süd əmmişin birini gətirim, demədim get o küçədə gəzən sarısaçların birini gətir, mənim qızımın başına çıxart. – Ana can, sarısaç nədir? Necə sarısaç, hardadır sarısaç? – Sən bilərsən haradadır, mən nə bilim. – Di gəl o sarısaçı sənə göstərim, gör nə gözəldir. Səni inandırıram ki, sənin ürəyincə olacaq, onu gördükdən sonra məni məzəmmət etməyəcəksən... Bircə bu balaca otağa gəl. Bu sözlə qayınanasının qolundan tutub balaca otağa çəkib, küncdə bağlanmış sarı toyuğu göstərib dedi: – Aldığım, bax, ana can, budur! Güləndamın anası toyuğu görüb acıqla giyəvinə: – Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan? Mənim qızım bu toyuğun üstündə səninlə dava çəkir? Məgər mənim qızım dəli-divanədir? – Ana can, özüm ölüm ki, alıb gətirdiyim budur. Çağır qızın özündən xəbər al. – Bunu deyib Güləndamı səslədi. Güləndam içəri daxil olduqda, anası xəbər aldı: – Ay qız, dediyin sarısaç haradadır? – Sarısaç yoxdur, elə bu sarı toyuğu deyirəm. Doğrusu, ana can, bu evdə ya mən oturacağam, ya sarı toyuq! Əhməd üzünü arvadına tutaraq dedi: – Əmi qızı, mən sənə deyəndə ki, evlənib başqa bir arvad gətirsəm, davam eləməyəcəksən, deyirdin “çox gözəl davam edərəm”. Mən də sənə sübut etmək üçün bu toyuğu gətirdim. İndi bil ki, sarı toyuğa davam gətirə bilməyən, həqiqi arvada heç davam gətirə bilməz. Dur, bir az düyü yu, axşama plov bişir. Bu sarı toyuğu da onun başına qoyub ləzzətlə yeyək. Anan da bizdə qonaq qalsın. Əhməd bunu deyib, sarı toyuğu mətbəxə aparıb başını kəsdi. Axşam ər, arvad, qayınana şirin söhbət edərək toyuqplovu ləzzətlə yedilər. O gündən evlənmək məsələsi həmişəlik aradan qaldırıldı. * * * Koroğlu Dumanlı kəndi böyük bir dairənin mərkəzi olaraq iki yüz iyirmi beş “tüstüdən” ibarət bir kənddi. Bu kəndin mindən artıq əhalisinin əksəri bağdarlıqla dolanırdı. Dumanlı üzümü, Dumanlı şaftalısı hər yerdə ad qazanmışdı. Hər “tüstünün” özünə məxsus bir desyatin, ya bir desyatin yarım bağı var idi. Kəndin ortasından axan qədim, böyük bir arxın suyu ilə camaat bağlarını sirab edirdi. Camaatın cüzi hissəsi əkinçiliklə məşğul idi. Bunlar, kəndə məxsus əkin yeri olmadığından, gedib kəndin yavuqluğundakı min desyatindən ibarət “ağalıq” yerdən lazım qədər, dörddən bir mədaxilinə ağadan icarəyə götürüb, taxıl ya pambıq əkərdilər. Hamıdan çox ağalıq yerində ziraət edən kəndin zəngin qolçomağı Hacı Bayram idi. Bu adam götürdüyü yerdə özü işləməyib camaatın füqərasından, ya “həmişərilərdən” muzdur tutub işlədirdi. Hacı Bayramın qoyununun, atının, qaramalının hesabını bilən yox idi. Onun qoyunlarını beş çoban çətinliklə idarə edirdi. Hacı Bayramın nəinki dairə, tamam qəza tanıyırdı. Qəzanın hər bir yerindən pula ehtiyacı olan atını minib Hacı Bayramın ydanına gələrdi. Hacı verdiyi pullara faiz almazdı, deyərdi: “Şəriətdə faiz almaq haramdır”. O, pulu verib əvəzinə nuyanda müəyyən qiymətə məhsuldan verilməsini şərt edirdi. Söz yox ki, qərəzdarın bir əli ilə boğazından yapışıb, o biri əli ilə onun nuyanda hasil etdiyi məhsula İndidən qiymət təyin edən Hacı Bayram birə-iki puluna faiz qazanırdı. Dumanlı kəndində bir nəfərin nə bağı var idi, nə əkin yeri – bu adam İsrafil Vəlioğlu idi. İsrafil on İki yaşında ikən çiçək xəstəliyindən iki gözü də kor olmuşdu. Kor İsrafil i tamam dairə tanıyırdı. Çünki onun peşəsi oğlunun əlindən tutub, kəndbəkənd gəzib saillik etmək idi. İsrafilin İki oğlu var idi: böyüyü – Nəriman, kiçiyi – Qəhrəman. Nə qədər ki Qəhrəman kiçik idi, Nəriman atasının əlindən tutub dilənməyə aparırdı. Nəriman on altı yaşı addadıqdan sonra Qəhrəmana dedi: – Qardaş, mənim üçün belə sərgərdan dolanmaq ayıbdır. Mənim İndi iş görən vaxtımdır, bir-İki il atamızı sən gəzdir. Mən də gedib bir adama muzdur durub işləyim. Elə ki sən də böyüdün, ikimiz də işləyib atamızı dolandıraraq. Daha saillikdən əl çəkərik. Qəhrəman qardaşının sözünü qəbul etdi. Nəriman isə gedib qonşu kənddə bir bəyə otuz manat pulla, yediyi çörəyə, bir dəst paltara və bir cüt çarığa nökər durdu. Nəriman nökər duran gündən ağası onun adını “Koroğlu” qoydu. O zamandan bu ad onun üstündə qaldı. Çox yerdə onun əsl adını bilməyib, “Koroğlu” deyə çağırırdılar. Nərimanın qoçaqlığı, karigənliyi, çapıqlığı, müdrikliyi tamam dairənin qolçomaqlarının diqqətini cəlb etmişdi. Hamı deyirdi: “Koroğlu” nökər deyil, xəzinədir, elə bir fəhlə saxlayanın dünyada dərdi olmaz. Beş adamın işini bir tək özü görür”. Hacı Bayram Nərimanın qoçaqlığını, sədaqətlə iş görməsini eşidib, onu öz yanına gətirməyi qət elədi. Bir gün həftəbazarında onu ağası üçün mal aldığı yerdə görüb dedi: – Ay oğul, nə olubdur sənə kəndindən didərgin düşüb, ora-bura qulluq eləyirsən, gəl öz kəndinə, mənim işlərimə bax, atanın-qardaşının üstlərində gözün olsun. Mən də sənə İkiqat məvacib verim. Nəriman cavabında: – Hacı əmi, mən bəylə kağız bağlamışam, ilim tamam olmayınca heç yana gedə bilmərəm. – Mən sənin ağandan iznini alaram. – Ağam izni verəndən sonra mənim sözüm yoxdur. Nərimanın ağası Rəhim bəy Hacı Bayramın borclularından idi. O səbəbdən onun təklifini rədd edə bilməzdi. Hacı Bayrama Nəriman kimi qoçaq bir işçi lazım idi. Hacı Nərimanın cəm işlərinin üstündə gözətçi qoya bilərdi. Yəqin də etmişdi ki, bu surətdə onun işləri qüsursuz gedəcəkdir. Nərimana ayda yüz manat da versə, yenə qazanacaqdır. Hacı öz işlərinin xeyir-şərini gözəlcəsinə düşünürdü. Söz yox ki, Rəhim bəy Hacı Bayramın xahişini rədd eləməyib Nərimanın haqq hesabını çəkdi. Hacı, Nərimana ildə yüz manat məvacib, bir dəst paltar, iki cüt çarıq və yedikcə çörək təyin edib evinə apardı. Nəriman gələn gündən hacının evinin övzai dəyişdi. Bir az vaxtın zərfində hacının tamam pozğun işləri nizama düşdü. Çobanların vaxtında çörəyi, atların, qaramalın arpası, ələfi öz vaxtında verilməsi, inəklərin, qoyunların südlərinin öz vaxtında toplanıb qatıq çalınması, pendir qayrılması, yağ çalxanıb bazaar getməsi – hamısı Nərimanın əlindən gəlib keçirdi. Əlavə, Hacı Bayramın üç arvadı var idi. Hər arvad üçün xüsusi bir ev tikdirmişdi. Bu üç evin cəmi dolanışına Nəriman baxırdı. Axır belə də olmuşdu ki, Hacı Bayram hər bir yanına ehtiyaca gələni Nərimanın yanına göndərib deyirdi: – Oğul, bu işləri Nəriman bilər, get onunla görüş, nə etməlidir eləsin. Bir gün Hacı Bayrama şəhərdən bir vergi kağızı gəldi. Hacının nə rusca, nə də türkcə (azərbaycanca) savadı yox idi. Nərimanı çağırıb kağızı ona verib dedi: – Ay oğul, bu kağızı apar “uçtel” oxusun, görək nə yazıblar? Kənd müəllimi Mirzə Hüseyn məktəbin balkonunda əyləşib kitab oxuyurdu. Nərimanı görcək başını qaldırıb xəbər aldı: – A Koroğlu, xeyirdirmi, nə istəyirsən? – Mirzə, hacı deyirdi bir bu kağıza baxsın, görsün nə yazıblar. Mirzə Hüseyn kağızın məzmununu dedikdən sonra üzünü tutdu Nərimana: – A Koroğlu, sən bir cavan oğlansan, hər yerdə sənin iş bacarığının söhbətini edirlər. Nə olar bu qoçaqlıqla bir az da oxuyub savadlanasan. Savadın sənə daha da xeyri olar. Birdən görərsən səni suda təyin ediblər, kəndxuda təyin ediblər. Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Sən elə özündən hesab apar. Hacı Bayram sənə yüz manat ildə məvacib verir. Amma sən ona ayda İki yüz manatdan artıq xeyir verirsən. Sən gendən Hacı Bayramın adını eşidirdin. İndi ona yavuq olandan sonra onun cəm tutduğu əməlləri, qazanc yollarını, qaynağına keçənləri tutub, sıxıb, sularını çıxartmasını öz gözünlə görürsən. Bir azdan sonra Hacı Bayram kimi qolçomaqlar təpələri üstə uçacaqlar. Camaat işləri sənin kimi fağır muzdurların əllərindən keçəcəkdir. Sənin savadın olsa, nə qədər xalqa səndən xeyir dəyər. Mən səninlə çoxdan görüşüb danışmaq istəyirdim. İndi yaxşı oldu, öz ayağınla gəldin. Sən hər gün gəl mənim yanıma, sənə dərs verim, savadlan. Mirzə Hüseyn kommunist firqəsinin kənddə nümayəndəsi olaraq xırdaca bir özək düzəldib xəlvət işləməkdə idi. Nəriman kimi müdrik bir cavanı özünə tərəf cəlb etmək onun gördüyü işlər üçün, apardığı təbliğat üçün lazım idi. Hacı Bayram hər gün axşam gün batan kimi arvadlarının birinin evinə gedib orada qalardı. Doğrudur, keçmişdə neçə dəfə durub ata-mala baş çəkərdi. Hər bir itlər hürüşdükdə qapıya çıxıb səslənərdi. İndi isə Nərimana ümidvar olub xatircəm yatardı. Nəriman Hacı Bayramı arvadının birinin evinə ötürüb, birbaş gedərdi Mirzə Hüseynin yanına. Mirzə Hüseyn ona dərs oxutmaqdan əlavə, sadə sözlərlə onu siyasətə həm bələd edərdi. Məmləkətlərdə olan üsuli-idarənin neçə növ olduqlarını və hər üsuli-idarənin mahiyyətini ona anladıb, şura üsuli-idarəsinin ən yüksək üsuli-idarə olmasını, xalq hakimiyyətini, hacı bayramlarla, minlərlə desyatin yerləri olan və bu yerləri xalqa icarəyə verib, özləri istirahət edən bəylər və xanlarla mübarizə yollarını, mollaların camaatı qoyun sürüsü kimi özlərinə tabe edib yunlarını qırxdıqlarını mükəmməl bir surətdə Nərimana öyrədirdi. Nəriman isə qabil bir şagird olub, az zamanda həm rusca, həm türkcə yazıb-oxumaq öyrəndi və Mirzə Hüseyn onun gələcəkdə fəal bir firqə üzvü olacağına etiqad bağışlamışdı. Bir dəfə Hacı Bayrama şəhərdən bir “povestka” gəldi. Adət üzrə Nərimanı çağırıb kənd “uçitelinin” yanına göndərmək istədi. Nəriman “povestkanı” alıb, baxıb dedi: – Hacı, bu ayın on dördündə sizin Xəlil bəylə olan dörd yüz əlli manatın davasına baxacaqlar. Ona görə sizi suda çağırırlar. Hacı Bayram təəccüblə: – A balam, sən nə bilirsən orada nə yazılıb? Sən ki, bisavadın birisən. – Xeyr, hacı, bir az Mirzə Hüseyndən dərs almışam. İndi belə xırda-para kağızlardan başım çıxır. Hacı Bayram bir yandan nökərinin savad öyrənməsindən məmnun olub, bir yandan şəkkə düşdü və dedi: – Ay oğul, sən də “uçitellə” ehtiyatlı dolan. O sənə bir yandan dərs verib, bir yandan bir para boş danışıqları ilə, padşahımızın üzünə duranların əməllərindən söyləməklə sənin başını doldurub, axırda səni bədbəxt eləyəcək. Dərs oxuyubsan, nə eybi var. Savadın olsa məvacibini də artıraram. Amma olma-olma boş danışıqlara qulaq verəsən. Həm özün badifənaya gedərsən, həm atan yiyəsiz qalar. Yazıq kişi yavaş-yavaş dilənçilikdən əl çəkir. Sən onun əlindən getdikdən sonra kəndbəkənd dolanıb, dilənməyə başlayacaq. Nəriman hacını inandırdı ki, Mirzə Hüseyn ona dərsdən başqa bir şey öyrətmir və onunla heç bir özgə söhbətlər eləmir. – Mirzə Hüseyn mənim tayım-tuşum deyil, o, oxumuş, alim, “uçitel”, mən isə bir yazıq kəndlinin biri. Mənimlə onun nə alıb-verəcəyi. – Elə isə oxu, yaxşı savadlanarsan, mən də sənə artıq məvacib verərəm, mənim dərə-divan işimə də bundan sonra sən gedərsən. Nəriman getdikdən sonra Hacı Bayramı fikir apardı. Öz-özünə deyirdi: – Bu gədə dərs oxuyur, nə eybi var, qoy oxusun. Ancaq Mirzə Hüseyndən onun dərs oxumağı mənim xoşuma gəlmir. Mirzə Hüseynin orada-burada danışıqları mənim xoşuma gəlmir. Qorxuram oğlanın da beynini yesin. Onda Nəriman kimi işlək bir fəhlədən mənim əlim çıxacaq. Axşam yatmağa getməzdən qabaq Nərimana dedi: – Ay oğul, sən niyə gedib bizim molladanca dərs almırsan? Molla sənə gözəlcə müsəlmanca dərs verər, Quran oxumaq öyrədər; cümə axşamları ölənlərinə Quran oxuyarsan. Onların ruhları səndən şad olarlar. Nəriman Hacı Bayramın üzünə baxıb güldü: – Hacı əmi, mənim ölənlərim Qurandan nə fayda aparacaqlar? Bizim ölənlərimiz hamısı dünyada ac dolanıb, axırda da aclarından ölübdürlər. Mənim atamın da ki, yaşayışı sizə məlumdur. İndi də yüz il onların qəbrinin üstündə Quran oxuyam, qarınları doymayacaq. Elə qoy dinməz yatıblar yatsınlar. Onların Quran nələrinə lazımdır. – Oğul, Allaha naxoş gedər. Müsəlmanlıqdan uzaq söz danışma. Ölənlərinə Quran oxuyarsan, Allah günahlarından keçər. Qiyamətdə onlara öz behiştində yer verər. Buradan ac gedərlər, o dünyada behiştin gözəl, dadlı nemətlərindən yeyərlər. Nəriman cavabında: – Qiyamətdəki ləzzətli nemətləri biz, dövlətli kəslərə, bəylərə, xanlara, axundlara vagüzar edirik. Onlar burada yağlı plovlara, ləzzətli xuruşlara, istirahətlə yatıb-durmağa adət ediblər. Bizim ölüb getmişlərimiz quru yerdə də istirahət edə bilərlər. Biz yerdə qalan fəqirfüqəra behiştimizi bu dünyada almağa çalışmalıyıq. Bu yolda ölümədək varıq. Ya arzumuza çatarıq, yainki ata-babalarımız kimi biz di quru yerdə can verərik. Hacı Bayram İndiyədək Nərimanın dilindən belə danışıqlar eşitməmişdi. O, Nərimanla danışanda, Nəriman başını aşağı salıb, ona “bəli”, “xeyr” və “baş üstədən” sivayı bir cavab verməzdi. Nərimanın belə hazırcavablığı Hacı Bayrama əsla xoş gəlmədi. Hacı qaş-qabağını turşudub, bir söz deməyərək, üz qoyub getdi ortancıl arvadın mənzilinə. Nəriman hacını yola salıb, kitab-dəftərlərini götürüb birbaşa getdi Mirzə Hüseynin yanına və habelə keçən söhbəti də müfəssəl ona nağıl elədi. Mirzə Hüseyn gülüb dedi: – Bərəkallah! Bu qarnıyoğunlarla elə bu dillə danışılmalıdır ki, çox qudurmasınlar. Ancaq özünü gözlə. Birdən səni qulluqdan qovar. – Mirzə, mən qulluqdan qovulmaqdan qorxan deyiləm. Bu saat yüz yerdə məni İki qat məvacibə çağıranlar var. İkincisi, “kəsilsin iki əli ki, bir başı saxlaya bilməyə”. Mən bu saat Hacı Bayramın evindən özüm gedərəm. Onun çörəyi zəhrimardır. Ancaq bir şey məni dayandırır. – O nədir? – Vallah, nə deyim. Özünüz bilirsiniz. Dərsimizi oxuyaq. Mirzə Hüseyn gülüb Nərimanın dərsinə məşğul oldu. * * * Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Kəndin qızlarının hamısının gözləri onda idi. Ancaq Nərimana bircə qız xoş gəlirdi: Hacı Bayramın yeganə qızı Güldəstə. Bu qız doğrudan da kənd qızlarının zübdəsi idi. Qız kəndin adətinə görə Nərimandan gizlənməzdi. Amma onunla əyləşib söhbət də etməzdi. Nəriman düşəndə gəlib evdən baltadan, xurcundan, çuvaldan bir şey götürəndə bir gözü ilə Güldəstə baxıb, ah çəkib dinməz gedərdi. Bu vaxtlarda Güldəstənin də sifətində müşahidə olunan təğyir Nərimanın gözündən yayınmayırdı. Güldəstə ilə yeganə görüşü, heç olmasa yarım saat danışmaq üçün Nəriman nə qədər fürsət arayırdısa, mümkün olmayırdı. Hacı Bayram xəbərdar olsaydı, yəqin qızının başını kəsərdi. Hacı Bayramdan qız istəməyə də Nəriman cürət etmirdi; bir muzdura, kor dilənçinin oğluna Hacı Bayram qızmı verərdi? Güldəstə üçün mahalın hər tərəfindən elçilər gəlirdi: dövlətli hacılar, bəylər bir-bir özləri gəlib elçi düşürdülər. Hacı Bayram hamısını rədd edirdi. Hacı Bayram məhkəməyə gedəsi günün axşamı Nərimanı yanına çağırdı: – Oğul, sabah tezdən mən şəhərə getməli oluram. Ola bilər ki, şəhərdə dörd-beş gün qalam. Mənim naxırçılarımın, çobanlarımın, rəncbərlərimin cüvəllaqlıqları sənə məlumdur. Cəmi mal-qoyunu, ev-eşiyi sənə tapşırıb gedirəm. Atların arpa-samanını vaxtında verdirərsən. İki gündən sonra duz günüdür. Qoyunlara duz verilən gün özün sürünün yanına gedib göz yetirərsən. Arvadların evlərinin azuqəsini vaxtında verdirərsən, xülasə, mənim sənə nəsihət eləməyim nahaqdır. Neçə ildir ki, mənə qulluq eləyirsən. Öz işini yaxşı bilirsən. Mən gedirəm yatmağa; sən də get rahat ol. Səhər tezdən dur məni yola sal. Nəriman Hacı Bayramı yola salıb, birbaş getdi Mirzə Hüseyn müəllimin yanına... ...Nəriman türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bilirdi. Ona görə həmkəndlilərinin günü-gündən ona rəğbətləri artırdı. Hamı onu “Molla Nəriman” deyə çağırırdı. Nəriman kəndin hər işlərinə yarayırdı: kəndə gələn kağızları oxuyurdu, kəndlilərin kağızlarını yazırdı, kəndə gələn rus çinovnikləri ilə gedib, kəndin söhbətini eləyirdi. Kəndlilərin sözlərin onlara tərcümə edirdi. Bu səbəbdən bir gün kənd camaatı yüzbaşı divanxanasına toplaşıb qətnamə qoydular ki, həmin gündən İsrafil kişini daha dilənməyə qoymayıb, onun evinin dolanacağını camaat versin. Kor İsrafil ə qətnaməni xəbər verdilər. Çox şad olub dedi: – Allah sizdən razı olsun, ay camaat. Mən də qocalmışam. Yolları düz gedə bilmirəm. Bundan sonra oturaram evdə, siz də mənim iki oğlum məni ölənədək dolandırarsınız. Sizə artıq əziyyətim dəyməz. Çünki ölməyimə az qalıb. Daha heydən düşmüşəm. İsrafil kişinin məişəti təmin olunduqdan sonra kiçik oğlu Qəhrəman da bir peşə dalısına düşməyə məcbur oldu. Istədi rəncbərliyə getsin. Nəriman razı olmadı. Onu aparıb kəndin yuxarı başında işləyən dərzi Məmmədəliyə şagird verdi. Qəhrəman gündüzlər dərzinin dükanında işləyib, axşamlar qardaşı ilə bahəm gedib Mirzə Hüseyndən dərs oxuyurdu... Nəriman inqilab tarixinə, inqilabın nə olduğuna Mirzə Hüseynin söhbətlərindən lazımınca bələdiyyət yetirmişdi. Fəqət Mirzə Hüseynin fiqrə üzvü olub, firqə yolunda işləməyindən xəbəri yox idi. Şəhərdən Mirzə Hüseynin yanına bəzi naməlum şəxslərin gəlib. Onunla xəlvət söhbətlər edib, bir gün, iki gün evində yatıb getdiklərini gördürdüsə də, heç əhəmiyyət vermirdi. Hamının dostu və qonağı ola bilər. Dost arasında da xəlvət söhbətlər təbiidir. Mirzə Hüseyn camaatın Nərimana olan hüsni-rəğbətini görüb ona kənd cavanlarından bir neçə nəfər etibarlısını firqəyə çəkməyi təklif etdi. Bu günlər Nəriman ciddi, fəqət ehtiyatla camaat arasında çalışmağa başladı. Bir-iki aydan sonra altı-yeddi nəfərdən ibarət bir firqə özəyi təşkil etdi. Bu özəkdə ən fəal və ən ciddi işləyənlər Mirzə Hüseyndən sonra İki qardaş – Nəriman və Qəhrəmandı. Az keçmədi ki, bunlar şəhər təşkilatı ilə də rabitə bağladılar: özək üzvlərinin ayda biri, bir bəhanə ilə şəhərə gedib, oradan təbliğat vərəqləri gətirib həftə bazarında camaatın ciblərinə, çuvallarına, xurcunlarına xəlvətcə qoyurdular. Bu yolla ətraf kəndləri vərəqlərlə doldurmuşdular. Hacı Bayram Nərimanın halətindəki təğəyyüratı, fikirli danışıqlarına, hər sözə fövrən cavab verməsini, camaat yığıncaqlarında araya qoyulan məsələləri hamıdan yaxşı həll etməsini görürdü. Amma daha onun “bir elə də uzaq getməsindən” və, – öz sözü, – “padşah düşməni” olduğundan xəbəri yox idi. Hacı istəyirdi ki, Nərimanı rədd eləsin. Hərdənbir arvadlarına da deyirdi ki: “Bu gədə çox buğda çörəyi yediyindən qudurubdur”. Bununla belə baxıb görürdü ki, Nəriman getsə, onun tamam təsərrüfatı pozulacaqdır, labüd qalıb bu “acı loğmanı” udurdu. * * * Sabah tezdən Hacı Bayram şəhərə getməli idi. Nəriman o gecəni sübhədək yata bilmədi. Neçə müddət idi ki, belə bir günü gözləməkdə idi. Hacı Bayram gedir. O, da Güldəstə ilə bir neçə gün təklikdə görüşüb söhbət edib, ona ürəyini açmaq imkanını əldə edir. Bir fikir Nərimanın qabağını almışdı və bunun da qarşısında o, aciz idi. Əvvəla, Hacı Bayram heç bir vəchlə qızını Nərimana verməz; İkincisi, versə də firqə üzvü olmağa hazırlaşan Nərimana Hacı Bayram tək bir qolçomaqla qohum olmaq yaraşarmı? Bir qədər fikirləşib özünə təskin verdi. – Vaxta ki, Güldəstə özü öz xahişi ilə mənə gəlməyə razı ola, atasından və atasının sərvətindən əl çəkə, bizim tərəfimizə keçə, o vaxt mən nə səbəbə onu ala bilmərəm? Sübh tezdən Nəriman durub getdi Hacı Bayramın evinə. Hacı Bayram hələ yatmışdı. Nəriman hacının atına arpa verib, sonra yal-quyruğunu yuyub, düyüb, yəhərləyib hazır etdi. Hacı atlanıb yola düşdükdə yenə evini, malını Nərimanın ümidinə qoymasını söylədi. Bunu da bilməlidir ki, Güldəstənin anası bir-iki ildi ki, vəfat etmişdi. Hacı Bayram bir başqa arvad alıb gətirmişdi. Bu arvad Güldəstəyə çox əziyyət verirdi və onun başdan olub, çıxıb getməsini də ürəkdən arzu edirdi. Güldəstə həmçinin analığının əlindən təngə gəlib deyirdi: – Əgər gözüm tutan bir oğlana rast gəlsəm, nə atamın sözünə, nə onun dövlətinə baxmayaraq çıxıb gedəcəyəm. Güldəstə aradığı nişanlar hamısı Nərimanda var idi: gözəl, kamallı, savadlı, iş bacaran. Güldəstənin analığının bir xasiyyəti var idi: əri bir-iki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi və hər yerdə oturub ancaq Güldəstənin söhbətini elərdi. Söz yox ki, bu xasiyyət cəmi arvadlarda var. Bu yerdə hər millətin arvadları bərabərdirlər. Ər bir-iki gün evdən yayınanda onlar da əldə bir bəhanə tutub qapı-qapı gəzərlər. Hacı Bayram gedəndən sonra arvadı da çıxıb getdi bacısı Mələknisanın evinə. Nəriman Hacı Bayramı yola saldıqdan sonra atı minib çıxdı düzlərə. Hacı Bayramın atına, malına, qoyununa baş çəkib, sonra sürüdən bir toğlu götürüb qayıtdı evə. Evdə toğlunu kəsib, üç parça bölüb, bir parçasını evdə qoyub, iki parçasını da Hacı Bayramın arvadlarının evlərinə apardı. Evə qayıdıb gördü ki, Güldəstə də oyanıb. Ət parçasını evə gətirib, Güldəstəyə verib ədəblə soruşdu: – Bişmiş üçün nə lazımdır, deynən gətirim? Bu yerdə Nəriman yenə bir ah çəkib, heç başını yuxarı qovzamadı. Güldəstə, həmçinin yavaşdan bir ah çəkib, bir qədər Nərimanın üzünə baxıb dedi: – Analığım getdi bacısı evinə. Axşamadək orada qalacaq. Axşam da kim bilir gələcək, ya yox? Özüm kabab bişirərəm, ayrı şey lazım deyil. Nəriman bir söz deməyib, evdən çıxmaq istədi. Nəhayət, bir-iki qədəm gedib dayandı. Dönüb Güldəstəyə tərəf baxdı, sonra qapıya tərəf gedəndə Güldəstə onu səslədi: – Nəriman, bir bura qayıt! Nəriman qayıtdı. – Nəriman, sənə nə olubdur? Tez-tez ah çəkirsən? Əgər ürəyində bir dərd varsa, mənə söylə. Yoxsa evinizin bir şeyə ehtiyacı var? Deginən, atam gedibdir, evdə hər şey vardır. Heç bir şeyin hesabını atam bilmir. Bəlkə pul lazımdır, un lazımdır... – Yox, heç zad lazım deyil. Özün bilirsən ki, Hacı Bayram çobanlara, naxırçılara arpa ilə qarışıqlı çörək verir. Ayrandan başqa da bir yavanlıq vermir. Yaxşı olar ki, atan gələnədək onlara qarınları dolusu çörək verərsən. Bir az buğda unu ver, yağdan, pendirdən ver, yeyib səndən razı olsunlar. – Get ləmədən nə istəyirsən götür, sonra atını min, çap sürüdən bir toğlu da gətir, ver nökərlər özləri kəsib yesinlər. Güldəstə gülüb soruşdu: – Yoxsa elə bunun üçün ah çəkirdin? Nəriman cavabında: – Xeyr, bir o deyil. – Bəs nədir? – Ta mən nə ərz eləyim? – Söylə, açıq söylə. Burada bir mənəm, bir də sən, eşidən yoxdur. Axırıncı sözlər Nərimanı cürətləndirdi: – Bilirsənmi, Güldəstə, nə var? Mən sənə də baxıram, Hacı Bayrama da baxıram. Siz heç biriniz bir-birinizə oxşamırsınız. Heç bir sənin xasiyyətinə bələd olan deməz ki, sən Hacı Bayramın qızısan. Budur, atan nökərlərə ayran, şor yedirir. Sən bu saat ləmənin qapısını açıb yağı, pendiri tökürsən ortalığa. Mən sənin atana baxıram, onun bir belə mal və dövlətə, yığdığı pullara baxıram, məni hərdənbir böht aparır. Mən uşaq vaxtında atamdan soruşardım, deyərdim: – Dədə, niyə Hacı Bayramın, Hacı Novruzun, qonşumuz Həmid bəyin dövlətləri başdan aşıb, amma sən bu gün gedib dilənməsən biz axşam ac qalarıq? Atam deyərdi: – Oğul, bu, Allahın məsləhətidir, birinə məsləhət belə verir, o birisinə verməyir. Atamın bu cavabı, doğrusu, məni kifayətləndirmirdi. Öz-özümə deyirdim: Yaxşı, Allah belə məsləhət görür, məgər o Allahın mənim əlil, iki gözündən məhrum olmuş qoca atama yazığı gəlməyir? Bu nə növ Allahdır? O gərək hamı bəndələrini bir gözdə görə. Bir adamı tox, bir adamı ac qoymaya. O gündən ki mən Hacı Bayramın evinə gəldim, gördüm ki, xeyr, burada allahfilan məsələsi yoxdur. Hacı Bayramın dövləti camaatın ətindən, qanından əmələ gəlmiş. Tamam ətrafı dolansan bir nəfər kəndli var ki, Hacı Bayrama borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu qalırlar. Çobanlar, naxırçılar qışın soyuğunda, yayın istisində gecə-gündüz arpa çörəyi yeyib, onun qoyununun, malının qarovulunu çəkirlər. Hacı Bayram qışda isti buxarının kənarında, yayda uca talvarlarda istirahətlə əyləşib, özü kimi hampaları cəm eləyib başına; plov qurşağa çıxır. Molla Vəli də ki, həmişə məclisin başında əyləşib hacının ömür-dövlətinə dua edir. Bu işləri mən görəndə deyirəm: insafmıdır ki, Güldəstəyə Hacı Bayramın qızı desinlər?! Odur ki, hər səni gördükdə ah çəkirəm. Güldəstə Nərimanın sözlərinə diqqətlə qulaq asırdı və qulaq asdığı zaman tez-tez başını qaldırıb, Nərimanın sifətinə baxıb, yenə də başını aşağı salırdı. Nəriman sözünü qurtardıqdan sonra Güldəstə dedi: – Nəriman, qardaş, mən özüm də hər şeyi görürəm. Sənin bu evə gəldiyin iki il olmaz. Amma mən bu evdə böyümüşəm. Hər şey mənim gözümün qabağından keçir. Atam fəqir-füqəranı soyanda elə bilirsən mənim ürəyim yanmır? Ancaq mən nə edə bilərəm? Əlimdən nə gələr? Ancaq onu bacarıram ki, atam şəhərə gedəndə əlimə fürsət düşür, fəqirfüqəra qonşulara köməyim dəyir. Nökərlərin xörəyini bir qədər yaxşılaşdırıram. – Səndən hamı razıdır, Güldəstə. Ancaq məni bir əhvalatın fikri alıb. Sən özün bilirsən neçə vaxtdır, Mirzə Hüseyndən axşamlar gedib dərs oxuyuram. Mirzə Hüseynə Rusiyadan qəzetlər gəlir. Axır vaxt Rusiyada indiyədək misli görünməmiş vaqiələr keçməkdədir. Cəmi kəndlilər mülkədarların üzlərinə dururlar. Kəndlilər deyirlər: səbəb nədir ki, zəhməti biz çəkək, bizim zəhmətimizin faydasını bəy götürsün? Bəyin də, deyirlər, canı çıxsın, o da bizim kimi bir adamdır, gəlsin işləsin, çörək qazansın. Onlar deyirlər ki, yer əkinçinİndir. Bəy ki, əkinçilik eləmir. Yerdən mədaxil götürməyə haqqı yoxdur. Bəylərin mülkləri, imarətləri, hamısı, deyirlər, camaatın alnının təri ilə qazanılıb, vaxta ki, belədir, bu əmlak gərək hamısı bəyin əlindən alınıb camaata verilsin. Alınıb verilməyən surətdə camaat özü zorla əmlakı bəylərin, hampaların əlindən alacaq. Güldəstə birdən Nərimanın sözünü kəsib qışqırdı: – Əlbəttə, camaat doğru deyir. Budur, mənim atamın hədsiz-hesabsız malı, qoyunu, atı, pulu var. Bunların hamısı camaatın zəhmətindən düzəlməyibdirmi? Güldəstənin belə cavabı Nərimanı daha da ürəkləndirdi. – Bilirsənmi, Güldəstə, Rusiyadan axan sel gəlib buraları da basacaq. Hacı bayramların, hacı novruzların və onlar kimi hampaların, cəmi bəylərin, xanların var-yoxları əllərindən alınıb camaata veriləcək. O vaxt mən bilmirəm, sən necə olacaqsan?! Bu fikir heç mənim başımdan çıxmır. Güldəstə gülüb dedi: – Elə ki bizim var-yoxumuzu alıb sizə verdilər, siz varlanarsınız. Biz də gəlib sizin kölgənizdə dolanarıq. İndi sən mənim atama qulluq eləyirsən. Onda atam gələr sənə qulluq elər. – O vaxt heç kəs, heç kəsə qulluq eləməyəcək. Hamı camaata qulluq eləyəcək, camaat da ona qulluq etmək istəməyənləri öz arasından çıxarıb qovacaq. Camaat hakimiyyətinə bərəkəs gedənlər böyük tənbehlərə düçar olacaqdır. Nəriman birdən ayağa qalxdı: – Söhbətimiz çox uzandı. Gedim, uşaqlar üçün peşkəş elədiyin toğlunu sürüdən alıb gətirim. Güldəstə yenə güldü: – Peşkəş yoxdur, o uşaqlar qazandıqlarını yeyəcəklər. Nəriman, söhbətlərin mənim çox xoşuma gəldi. Yəqin ki, analığım bacısı evində qalıb gəlməyəcəkdir. Mən də evdə tək qalanda qorxuram, axşam işlərini qurtardıqdan sonra gəl otur bu söhbətlərdən bir az da söylə. – Bəs dərsim necə olsun? – Bir gün dərsə getməyəndə nə olar? Nəriman yersiz cavabından utanıb axşam gələcəyinə söz verdi. Tez çıxıb, atı yəhərləyib yola düşdü. Kənddən bir az uzaqlaşdıqdan sonra Nəriman dayanıb ətrafa göz gəzdirdi. Bir tərəfdə qara bulud kimi yerə çökmüş bağlar, bir tərəfdə intəhasız əkin yerləri, külək işlədikcə tükənməz zəmilərin taxılları dərya tək mövc verirdi. Bu yerlər hamısı ağalıq yerləri idi ki, xalq icarəyə götürüb taxıl əkmişdi. Camaat taxılı öz zəhməti ilə əkib, suvarıb, qoruyub, biçib tökdükdən sonra təmizlənmiş taxılın dörddən birini gərək öz heyvanına yükləyib, aparıb bəyin anbarına töksünlər. Bir tərəfdə qoyunlar yan-yana verib, yaylıma yatmış, itlər sürülərin ətrafında qarovulda, çobanlardan kimi ağacına dayanmış, kimi tütək çalmadadır, kimisi papağını qaval tək ağzının qarşısında tutmuş, çoban bayatısı çağırır. Nərimanın buradan hər gün gəlib keçmək peşəsi idi. Bu dəfə Güldəstə ilə etdiyi söhbətinin təsirindən, ya nədənsə, atın üstündə dayanıb fikrə getdi. Özözünə deyirdi: bir gün olar bu intəhasız əkinlər camaatın özünə məxsus olar. Həmin bu çobanlar hampalara, hacılara qulluq etməyib, öz malları kimi xalqın qoyununun çobanlığını edərlər. Nərimanın fikri gələcəyə getdi: kənd meydançası, kənd məhkəməsi, kəndin seçmə hakimləri, masa dalında əyləşib işə baxırlar və Nəriman, kor İsrafil in oğlu Nəriman sədarətdə əyləşibdir. Hacı Bayram müqəssir surətində məhkəmənin qabağında durub qıçları titrəyərək cavab verir. Hacı Bayram guya gecə vaxtı atlarını xalqın pambıq zəmisinə salıb otarmış. Məhkəmə Hacı Bayramı həbsə almağa qərar verir... Birdən Güldəstə bir yandan çıxıb, Nərimanın ətəyindən yapışıb atasının bağışlanmasını ondan təvəqqe edir. Bu yerdə Nəriman yuxudan ayılmış kimi diksindi və öz-özünə: – Bəli, o gözəl günlər uzaqda deyildir, – dedi. * * * == Məqalələr == Bizim yabılığımız Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir. Köhlən atları qamçı ucu ilə qorxuzanda, yabının yambızına dəyənəklər ilişdirirlər ki, ikiqat olub açılır. Müsəlman tayfası İndiyədək yabılıqda olub, nə maarif arpasından və nə təməddün samanından və nə tərəqqi otundan ona qarnı dolusu indiyədək verilməyib. Hər vəqt istəyiblər ki, köhlənlər yediyi axura bu da bir ağzını uzatsın, o saat başından dəyənək dəyib: Pobedonostsev, İlminski, Çirivanski, İqnatyev və bizim rəfiq Levitski tək dəyənəklər həmişə yabıların təpəsinin üstündə olub. Üç yüz il bu növ yabılıqda qalıb, indi özümüz isə yabıxasiyyət olmuşuq. Yabının xasiyyətinin biri budur: görürsən bir yabını bir neçə gün tövlədə bəsləyib saxlayandan sonra ki, havaya çıxartdın, yabı başlayır yerlə, göylə əlləşməyə. Bir növ özünü çəkir və bir növ nərə çəkib qışqırır ki, bir köhlənə müyəssər olmaya. Sahibi də görürsən şəkkə də düşür, deyir, yəqin elə bu köhləndi, ancaq səhv eyləyib mənə bunu yabı adına satıblar. Yabı sahibi onu çox əziyyətlə hərləyir və çox çətinliklə minir üstünə. O saat yabı yel tək götürülür. Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Mədəniyyət Biz də yabılığımızı bir ayrı işlərdə büruzə veririk. Məsələn, neçə nəfər şəxsin xəyalına bir mənfəətli cəmiyyət bina qoymaq düşür. Başlayırlar qəzetlərdə qışqırmağa, dəvətnamələr göndərməyə. Görürsən həqiqət cəmaət yığıldı, çox da ürəklə yığıldı. Gözəl nitqlər söylənildi. Başladılar pul yığmağa. Çoxluca pul da yığıldı. Ay ötdü, il dolandı. Sədri-cəmiyyət yazıb cəmaəti ümumi yığıncağa dəvət eylədi. Görürsən o yığıncağa ancaq üç cüt, bir tək adam gəldi. Yığıncaq başa gəlmədi. Dübarə təklif eylədilər. Yenə həmin qərar. İllik (üzvlük) pulunu vermək vəqti gələndə əvvəl üzvlərin yüzdən otuzu pul verir, sonra yüzdən iyirmisi, axırı heç kəs vermir və cəmiyyət də əriyir, əriyir, axırda çöpə dönür. Qəzet vermək istəyirik, yenə həmçinin. Qızğın, görürük, iştə nitqlər söyləyirik. Sair şəhərlərdən, pud-pud nəsr və şeirlə təbriklər gəlir. Qəzet bir il, ya altı ay gedir. Axırda ya “Təkamül” tək bağlanır və ya müdiri qapı-qapı düşüb müştəri yığır. Bizim də bədənimiz köpüklənib, bu növ yabılığımız sübut olur. Bir az da “Nicat” cəmiyyəti-xeyriyyəsindən danışaq. Bu cəmiyyət açılan vəqt həmçinin cəmaət çox hümmət göstərib. Min manatlar, beş yüz manatlar və yüz manatlar yağış tək yağıb. Amma indi bir il tamam olmamış orada da yabılıq göstərdik. May ayının dördündə məclisi-ümuminin yığıncağı təyin olunmuşdu. O günü cəmaət gəlməməyinə görə məclis qaldı ayın on birinə. O günü həmçinin İkiminci məclisdə mən də var idim. Bir məsələ müzakirə olunandan sonra sədr yığıncağın axır rəyini soruşanda idarə üzvlərindən biri məlum elədi ki, burada qalan ancaq idarə üzvləridir, məclis üzvləri bir-bir dağılıb gedib. Ona görə yığıncaq qalıb bu gün cümə günü ayın on səkkizinə. Görək bu gün nə tövr keçəcək. İndi cəmaətə iki söz ərz eyləyim: cəmaət! Bir dürüst fikir edin, yabı olmaq insan sifəti deyil! * * * Tənqidə tənqid Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm. Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil. Tənqidin başında Şöhrət ləfzini (”Şəhrət”) yazmaq – mənim şəxsiyyətimə toxunmaqdır. Bunu yəqin etməkdə mənim həqqim var, çünki keçmişdə də neçə dəfə mənə haman qəzetə idarəsində rubəru deyilibdir ki, guya mən “ucuz şöhrət” dalınca gəzirəm. Bu idarə özü ucuz şöhrət axtaranları, şöhrət yolunda dinini, imanını, əqidəsini qara pula satıb axırda herostrat şöhrəti qazananları və qurd olub camaat arasında qoyun cildində gəzənləri çox yaxşı tanıyır. Mənim şöhrətə ehtiyacım yoxdur və nə qədər millətə qələm ilə qulluq etsəm, mərhum Həsənbəy Məlikovun elədiyi xidmətlərin yüzdən birini edə bilməyəcəyəm; nə qədər Həsənbəy şöhrət qazanmışdı, onun yüzdən birini də mən qazanaram. Mən bilirəm, qəzetənin idarəsinin gözləri heç kəsin şöhrətini götürmür. Ona görə mən məzkur idarəni xatircəm edirəm ki, mənim şöhrətimdən ona ziyan dəyməz, çünki müsəlman faciənəvisinin şöhrəti ildə bir gündür ki, o da axşam saat doqquzun yarısından on İkiyədək. Amma şükür Allaha, bu qəzetə Badikubədən Peterburqacan şöhrət qazanıbdır. Cənab tənqidnəvis şöhrət məsələsindən keçir mənim faciənəvislik bilməyimə. Doğrudur, mən “Gülsünamə”, “Tənbihül-qafilin”, “Rüstəmnamə” kitablarından xəbərdar deyiləm, amma Yevropa və Rusiyada zahir olan məşhur teatro ədiblərinin hamısının əsərlərini oxumuş və başımın tükü sanı təsnifat teatrlarda görmüşəm. Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Təvəqqe edirəm, cənab tənqidnəvis öz oxuduğu tarixi faciələrdən bir neçəsini şahid “Ağa Məhəmməd şahın” o səpkidə yazılmadığını sübut etsin. Bundan keçəndən sonra təsvirlərin bir-birilə rabitəli olmağı gündən aydındır və hər bir teatra gedən şəxs “Ağa Məhəmməd şahın” keyfiyyətini qaidəsilə özgələrə nəql edə bilər. Cənab tənqidnəvis buyurur ki, İraklı və İbrahim xan müstəqil hakim idilər, çünki özlərinin sikkələri var idi... Cənab tənqidnəvis çox gözəl bilir ki, İranda Gürcüstan padşahlarına “vali” deyirdilər və “vali” ləfsinin də mənası hər bir savad əhlinə məlumdur. İndi keçək mənim türk dili bilməyimə. Bir şəxsə demədiyi sözləri isnad verib, sonra o sözlər üstündə ona föhş verməyin adına türk dilində nə deyilərsə, həqiqət, mən bilmirəm. Qəzetənin mənim türk dili bilməməyimə dəlili bu sözlərdir: “Sizə kömək bağlayıb gəlmişəm”, “Zəhi böyük nainsaflıqdır”, “Nalayiq şeylər üzrə köpük çıxıb olur”. Senzor tərəfindən möhürlənmiş və qələm dəyməmiş kitab mənim stolumun bu saət üstündədir. Hər kəs xahiş etsə, buyurub görə bilər ki, bu isnad verilən sözlərin heç birisi mənim kitabımda yoxdur və bunu qəzetə özü ixtira edib. Cənab tənqidnəvis buyurur ki, mən elmi-ərvaha bələd deyiləm. Çox mümkündür, ola bilər ağa özü məndən artıq bu elmə bələdiyyət yetirib. Ba in həmə mən təsdiq edirəm ki, cənab tənqidnəvis əsla tarixə bələd olsaydı, qəzetənin 118-ci nömrəsindəki sualları mənə verməzdi. Mən ağaya məsləhət görürəm gedib həkim Mülkümün “Tarixi İranisini” oxusun. “Qafqaz” qəzetəsinin 1855-ci ildə çıxan nömrələrini oxusun və bunlar da ələ keçməsə, laməhalə Dubrovinin yazdığı tarixi oxusun. Onda yəqin edər ki, Cəfərqulu xan ilə Ağa Məhəmməd şahın İsfahan barəsində müzakirəsi və o saət onu Hacı İbrahim xanın gözünün qabağında öldürtməyi yalan deyil. Tarixi faciələrdə müsənnif surətin ağzına dil verə bilər, amma olmuş keyfiyyətləri dəyişdirə bilməz. Həmçinin Hacı İbrahim xan ilə şahın rəftarının doğru olmamasını bu yazdığım tarixlərdə görə bilər. Həmçinin Ağa Məhəmməd şahın varis qeydi bir an yadından çıxmamağını cənab tənqidnəvis tarixdə görə bilər. Cəfərqulu xan öləndən sonra Ağa Məhəmməd şah üzünü Hacı İbrahim xana tutub deyir: “O nəcib ruh ki, bu nəcib bədəni əhya eləmişdi, bir dəqiqə padşahlıq tacını mənim varisimin başında rahət qoymayacaqdı”. Bu sözlər şahın öz ağzından çıxmış sözlərdir və tarixdə də səbt olunub. Bircə bu dəlil, yüz dəlilin içində, onun varis qeydi çəkməyinə kifayət edər. Mən bu tənqidə əsla cavab yazmazdım; çünki onun nalayiq sözlər ilə yazmağına səbəb, bir para əğrazi-şəxsiyyətdir. Əğrazi-şəxsiyyə isə layiqi cavab olmaz ikən, bu cavabı yazmağa məni vadar edən ancaq bu fikir oldu ki, sakit olmağım tənqidin haqq olmağına sübut olar... * * * İki il İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib. Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir. Yerlərini qaranlıq istəyən qurdlar öz işlərinə təzədən məşğul olurlar; mollalar yenə həmin təkfir torbasının ağzını açıb küçələrdə təkfiri sel tək axıdır; məktəblər divarında bayquşlar, şəbpərələr yuva tİkiblər, qiraətxanalarımız Salarüddövlə qoşununun əlindən tar-mar olmuş kəndlərə bənzəyirlər, məclisi-xeyriyyələrimiz acından əriyib çöpə dönüblər! Millət balaları küçələri doldurub, hər küncdə biri durub sualla məşğuldurlar. Yer dəliklərinə qaçıb gizlənmiş siçanlar ortalığa çıxıb, hər biri bir alicənab olublar. Amma Sabirin xəbəri yoxdur. Sabirin qələmi sınıbdır, hanı, yoldaş, sənin fəsih dilin? Hanı sənin o rəvan mövzuun, ürəyini yandırıb, camaatı güldürən əşarın? Yatabsan, yuxudasan?! Heyf ki, tez yatdın! Təqdiri-qəzaya tamaşa edin: molla babalar, şeyx həbiblər, molla ismayıllar, şeyx feyzullahlar, şeyx həmidlər, məmmmədəlilər, kamil paşalar, səmədxanlar tək islam dəryasını qarışdırıb bulandıranlar yaşaya bildikcə yaşayıb boyunlarını yoğunlandırırlar. Amma bir fəqir, millətini canından artıq istəyən şair vətənindən qovulur, qapı-qapı gəzib özünə maaş yolu axtarır, axırda dərddən ürəyi, ciyəri şişib, əhlifəsadi şad edir. Qəribə haldır! Söz yox, ölümdən heç kəs qurtarmayacaq. Amma millət xoşbəxtliyinə ciddən çalışan bir vücudun qəflətən ortalıqdan götürülməyi adamı yandırar. Qəm çəkənlərimiz az, istirahət edib plov yeyənlərimiz çox; oda yanıb vərəm gətirənlərimiz az, bihəya, boynuyoğun, “millət necə tarac olur olsun” deyənlərimiz çox. Camaatın hər tərəfdən işıq gələn yollarını kəsib, qaranlığa salıb, cibini kəsənlərin hesabı bihəddü payan, amma Sabirimiz bir, o da qara torpaq altında. İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. İki il keçib, bainhəmə hər bir “Molla Nəsrəddinin” nömrəsini açanda yəqin edirsən ki, “Hophopun” əşarını görəcəksən. Amma yox! İki ildir Sabir istəkli millətinə “Allah özü sənin fəryadına yetsin” deyib, həmişəlik gözlərini yumub və bircə dənə ciyərguşəsi olan balasını da bizə tapşırıb deyir: “Yaxşı saxla, səndə əmanətimdir”. Görəsən, aya, bir vaxt olacaqdırmı ki, Sabirə babı, laməzhəb adı qoyub, dərbədər salanların övladı öz ata-babalarının hərəkətindən xəcalət çəkəcəklər və bizdə də o insaf olacaqdırmı ki, Sabirin bizə tapşırdığı əmanətini atasına bərabər edək?! Yoxsa biz də millət bayquşlarını sevİndirib, Sabir yolunda ağdan qaraya əlimizi vurmayacağıq? Qoy bayquşlar ulaşsınlar, şəbpərələr dişlərini şaqqıldatsınlar. Mənim onlarla işim yoxdur. Amma millət xeyirxahlarını, Sabir adı gələndə gözləri yaşaranları çağırıb deyirəm: “Əl-ələ verin, qardaşlar, hümmət edin, Sabirin bizə tapşırıb getdiyi əmanəti tərəqqi düşmənlərinin gözlərinə ox edək, asarını kəsəyənlərə xörək etməyək və onun əziz qəbrini Nizaminin, Firdovsinin qəbirlərinə döndərməyək. Namus yeridir, qardaşlar!” * * * Təcəttüri-nisvana dair Bu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”. Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm. Mən bu məqalələri oxuduqca fikir edirdim: “Görəsən, doğrudanmı millət İki tərəf olub, övrət məsələsini birmərrə həll edib qurtarmaq istəyirlər? Yainki millətin bu işlərə qarışacağı yoxdur. Məhz qəzetlərin sözləri qurtarıb, köhnə palan içi tökürlər? Mən dünyada çox ömür etmişəm, otur İki dişimdən ağzımda on beşi qalıb, özüm də yorğana bürünüb çox səyahət edib, çox yerlər, camaatlar, tayfalar görmüşəm. İranın, Türküstanın, Qafqazın, Volqa kənarlarının müsəlmanlarının hamısını birbəbir bayram yumurtası tək dişimə vurmuşam, amma heç bir yerdə bir əqidənin, ya bir məsələnin möhkəm tərəfdarı olan bir müsəlman görməmişəm. Bizim hamımız dünən bir əqidədə, bu gün bir ayrı əqidədə oluruq. Bu gün Yezidin, sabah İmamın qətlinə fərman veririk. Həmişə işin öz şəxsiyyətimizə əl verən tərəfini axtarırıq. Mənim bir yaxşı dostum var idi, bir dəfə getdim onun evinə söhbətə, qapını döydüm, uşaq çıxdı, xəbər verdi ki, evdə yoxdur, bir on dəqiqədən sonra gələcək. Daxil oldum dostumun otağına, stolun üstündəki kitablardan birini götürdüm ki, dostum gəlincə məşğuliyyət edim. Həqiqət bir az keçmədi ki, dostum gəldi, mənimlə görüşüb salamlaşandan sonra dedi: “A kişi, bu nə adətdir, bu nə qaydadır, nə vaxt biz də insan cərgəsinə qoşulacağıq? İndi budur sən gəlibsən mənim evimə, mənə müntəzirsən, nə olardı mənim övrətim gəlib burada oturub mən gəlincə səni məşğul edəydi? Həmçinin də mən sənin evinə gələndə”. Bir üç il keçdi, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa saldı. O vaxt hamıdan artıq aləmə vəlvələ salıb təsəttüri-nisvan yolunda yaxasını yırtan haman mənim dostum idi. O vədə onunla görüşmək mənə mümkün olmayırdı. Ittifaqən yolum dostum olan şəhərə düşdü, axşam getdim müsəlman teatrına. Gördüm haman şəxs bir nəfər rus xanımı ilə qoşa əyləşib. Sonra da məlum oldu ki, haman xanımı, bir mənzil tutub, özü üçün aşna saxlayır. Onda bildim ki, nə üçün o, bir belə təsəttüri-nisvan üçün boğazını yırtır. Bu məsələ onun öz övrəti üçün lazım imiş ki, evdə oturub ərinin əməlindən xəbəri olmasın. Genə bir dostum var idi. Bir nəfər şəxsin oxumuş və açıq gəzən qızını istəyirdi. Çox səy etdi, pul xərc etdi, qızı almaq mümkün olmadı, atası vermədi. İndi o dostum da təsəttüri-nisvan tərəfdarı olub bağırır. Rusiya lə alış-veriş edən tacirlərimiz hamısı həmçinin təsəttür tərəfdarlarıdırlar, çünki övrətləri açıq olsalar, söz yoxdur ki, onların şəhərbəşəhər gəzib, restoranlarda, kafe-şantanlarda, ta mən nə ərz eləyim, haralarda çəkdikləri keyflərə mane olacaqlar. İran ilə ticarət edənlərimiz həmçinin təsəttür tərəfdarları gərək olsunlar. Xansənəmin başını yorğan altına basdırıb, Iranda gündə bircə dana “tazə bə tazə, nobəno” qız siğə etmək həm ruhu tazalandırar, həm şəxsi cavan edər. Mülkədar-bəylərimiz də genə bu ayaqdan. Götürək İrəvanı, Naxçıvanı, Qarabağı, Qazağı, hər bir yeri. Bu yerlərin mülkədarlarının hamısının uşaqları şəhərlərdə oxuyurlar. Və uşaqları gedib görməgi də həmişə bəhanə qayırıb ayda bir Tiflisə, İrəvana, Gəncəyə, Bakıya qaçırlar. Ana ürəyi nazik olur, bala adını eşidəntək sakit olur; kişi də gedib özünü bir “havaya” verib qayıdır. Bişəkk bu da “hürriyyətinisvan” ilə yaraşan məsələ deyil. Bakıdan danışmağa ehtiyac yoxdur. Hər kəsin tənxahi üç min manatdan artıqdır, İki ev saxlayır, biri övrəti üçün, biri də aşnası üçün. Bu adamlar da “hürriyyəti-nisvan”dan danışsalar evləri yıxılar. İndi gələk “Şəlalə” üstünə. Səbribəyzadə deyəndə, Anadoludan gəlmiş xanəbəduş, bambılı bir şairdi. Bu bədbəxt Əbdülhəmidinmi cövründən, ya cavan türklərinmi cümləsindən qaçıb gəlib özünü sıxıb bir nəfər sərmayədarın buşqağına. Bu şəxs də bunun qabiliyyətinə bələd olub, gətirib bir jurnal bina edib, onu da əyləşdirib idarənin başında, özünə deyibdir ki, əgər “hürriyyəti-nisvan”-filan adı çəkərsən, səni birbaş Anadoluya göndərrəm. Məndən məvacib alırsan, türkün məsəlini həmişə qulaqlarına güşvarə et, yəni “ağa buyurur sür dərəyə – sür dərəyə”. “Iqbal” idarəsində əyləşənlər də həmin dərəyə sürənlərdirlər. Əgər Yevropada mətbuat əfkari-ümumiyyənin ayinəsi isə də, bizlərdə əfkar-məfkar yoxdur, qaraca pul var. Yadımdadır, təxminən on üç il bundan əqdəm mən Badikubəyə getmişdim. Ittifaqən əvvəl günlərdə Hacı Zeynalabdin Tağıyevin ünas məktəbinin rəsmi-güşadi idi. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Bir kənarda durub nitqlərə qulaq verirdim: əvvəl rus keşişi məktəbi təbrik edib, müsəlman övrətlərinə Puşkin, Qoqol, Turgenev kimi balalar yetirəcəyinə ümid etdi. Nitqə qulaq verirdim, amma gözlərim Ağayi-Mir Məhəmməd Kərim ağada idi. Deyirdim bu keşiş hələ rusdur, öz bazarından dəm vurur, görək bu cənab nə buyuracaq. Bunu da deməliyəm ki, o vədə Mir Məhəmməd Kərim ağa qazı deyildi, amma əhli-nüfuz idi. Çox nitqlər söyləndi, ruslardan, müsəlmanlardan danışan çox oldu. Mir Məhəmməd Kərim ağa çıxdı qabağa, hamı, o cümlədən mən, nəfəslərini çəkdilər içəri. Ağanın əvvəl sözü bu oldu: “Əl elmü fərizətün əla küll müslimin və müslimə”. Bu hədisin üstündə bir gözəl nitq irad buyurdu. Mənim, həqiqət, gözlərimdən yaş axdı. Dedim, xudaya, şükür olsun sənin cəlalına ki, biz millətə belə alim əta edibsən. Ondan sonra neçə ilə şəhərbəşəhər gəzdim, hər yerdə peşəm ağanı tərif etməkdi. Bir neçə il keçdi, genə yolum Bakıya düşdü. Bədbəxtlikdəndirmi ya xoşbəxtlikdəndirmi, bilməyirəm, məndə bir azar var. Hər yerə getdim və eşitdim ki, orada bir müsəlman yığıncağı var, gərək özümü o yığıncağa salam. Nitq-filan demək əlimdən gəlməz. Amma tamaşaçılığı yaxşı bacarıram. Bəli, gəldim Bakıya, eşitdim ki, iranlıların məktəbində imtəhani-ümumi olacaqdır və çox adam da oraya dəvət olunub. Bu haman il idi ki, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa salıb “Tazə həyat” qəzeti ilə vuruşurdu. Bir nəfər yoldaş ilə getdik məclisə, burada imtahandan danışmaq niyyətim yoxdu. Onu deməliyəm ki, camaat çox yığılmışdı. İki minə qədər olardı. Uşaqlar, hər kəs, öz qabiliyyətini göstərdilər. Bir nəfər İrandan gəlmiş müəmməm mücahid uzun bir nitqi-hürriyyət, müsavat-filan barəsində söylədi. Bu barədə sözüm yoxdur. Məclisin axırında cənab Mir Məhəmməd Kərim qazı qalxdı ayağa. Ağanı görəntək sevindim, dedim: “Nə xoşbəxtəm, iki dəfə Bakıya gəlmişəm, ikisində də ağa ilə həmcəlis olub onun gözəl nitqlərinə qulaq asmağa nail olmuşam”. Ağa nitqini belə başladı: “Həzərat! Budur, neçə ildir mən özümə söz vermişəm ki, camaatın heç bir işlərinə müdaxilə etməyəm. Amma İndi mənim boynuma təklifi-şəri gəlib; əgər mən danışmasam, həm sizə və həm cəddimə şüqülzəmmə olaram. Bir nəfər atasından, anasından bixəbər gedib oturub Tiflisdə. Orada “Molla Nəsrəddin” adında bir kaspi çıxardı. O kaspidə nə hədyanat, nə müzəxrəfat yazır, özü bilir, amma bu axır vaxt başlayıb müsəlmanların irzü namuslarına əl atmağa. Yazır ki, övrət tayfası gərək evdə oturmasın, deyir gərək müsəlmanlar övrətlərinin qollarından tutub versinlər xariclər aparsınlar. Həzərat, aman günüdür, gözləyin özünüzü belə müfsidlərin şərrindən...” ilax. Bu məzmunda o ki var danışdı. Ağa nitqini tamam edəntək durdum məclisdən çıxdım. Yolu necə gəldim, bilməyirəm. Bir də gördüm ki, “Islamiyyə” mehmanxanasında öz nömrəmdə əyləşmişəm. Bir saatda özümə gəldim, ayılan kimi məni bir ağlamaq tutdu. Çox ağladım və dedim: “Xudaya, bu nə işdir? Məktəb rəsmgüşadındakı nitq nə idi, bu nitq nədir? Bu şəxsin əqidəsi nədir? Ya bunun heç bir əqidəsi yoxdur, hər danışığını məclisin ovzasına bağlayır”. Xülasə, ağadan əlimi üzüb, Bakıdan – bir az da genə qız məktəbindən söyləyək. Bəli, Hacı Zeynalabdin ünas məktəbini bina elədi. Dünyada bir murdar ad qalmadı ki, Bakı camaatı o məktəbə qoymasın. Qulağım belə sözlər eşidirdi ki, bütün bədənim titrəşirdi. Tək bircə nəfər Bakı əhlindən iki qızını o məktəbə qoydu, qalan qızlar Şəkidən, Gəncədən, Dağıstandan və sair yerlərdən gəldilər. Bir müddət keçdi! Bakı şəhər idarəsi müsəlman qızları üçün bir məktəb açdı. Məktəb açılan günü ağzınadək uşaq ilə doldu. Bir il keçdi, ikinci məktəb açıldı, o da doldu. Bir il də keçib, üçüncü məktəb açılıb, genə doldu. Bundan sonra sair şəhərlərdə, hətta kəndlərdə başladılar qız məktəbləri açmağa. Bu halda bir tək Bakı məktəblərində oxuyan qızların hesabı yüzdən artıqdır. İndi izin verin, bir söz soruşum: əvvəldə Tağıyevin örtülü məktəbinə qız verməyib, İndi qızlarının əllərinə kitab verib şkolaya göndərən atalar nə tərəfdarlarıdırlar? Bir vaxt olacaq, – çox uzaq da çəkmiyəcək, – görəcəksən təsəttüri-nisvanın ən mütəəssib tərəfdarı, məsələn: bir nəfər Kərbəlayı Fərzalı qızının qolundan yapışıb küçə ilə aparır və yolda öz dükan qonşusu Məşədi Meydanəli rast gəlir. Məşədi xəbər alır: “Kərbəlayı, bu uşağı haraya aparırsan?” Kərbəlayı: “Neyləyim, ay məşədi, Allah zəmanəni dağıtsın! İki qızım evdə böyüyüb qalıblar, hər kəs yaxınlarına düşmür, qardaşım oğluna istədim verəm, almadı, dedi: “Mən gərək oxumuş qız alam”. Gedib bir yəhudi qızı alıb gətirib. Bacım oğlanlarına yalvardım, onlar da özün bilərsən, biri bir nemka deyirlər, nə millət deyirlər alıb, biri də bir rus qızına uyub. Kənardan da gəlib istəyən yoxdur, çünki, əvvəla, cahillərimiz xarab olub və bir də deyirlər: “Əgər Kərbəlayı Fərzalının qızları yaxşıdırlar, niyə əmiləri, dayıları oğlanlarına getmirlər?” İndi əlacım kəsilib, aparıram o dağılmış şeytan yuvasına, bəlkə heç olmasa bu qız evdə qalmıya. Deməli, bu yerdə zərb zəgövkədən yağ çıxardır. Yuxarıda ərz etdim ki, mən nə qədər Islam ölkələrində səyahət etdim, bir əqidənin, bir məsləkin möhkəm tərəfdarını görmədim. Ona görə izin istəyirəm ki, burada bir haşiyə çıxım, sonra mərsiyəxanlar demiş, qarelərimə dua eləyim. İrin inqilabı, Səttar xan, Bağır xan, Mirzə Haşım, Cahangir xan, Tağızadə, Mir Həsən Müctəhid, Şeyx Fəzlullah... filan-filan... Azərbaycanda tökülən qanlar... hamının yadındadır. Kimi hürriyyətimüsavat, ədalət tərəfdarı olmuşdu, kimi istibdad; eşitdiyimiz istilahlar qulaqlarımızı dəng etmişdi: “İctimayuni-amiyun”, “Irticayun”, “İnqilabiyun”, “İsasiyun”, “Etidaliyun”... Nə bilim nə... işlər dəyişildi, Hacı Səməd xan Azərbaycana şah oldu, haman məşrutə yolunda canfəşanlıq edənlər hamısı bir dəfə bəstə girib məclisi-milli intixabını boykot etdilər və keçmiş “inqilabiyun”, “minqilabiyun” əvəzində İndi ancaq bir firqə görüb, o da “Cibişdaniyuni-amiyun”. İndi hər kim deyə bilər biz firqə, əqidə tərəfdarı olmağı bacarırıq, – buyursun: bu meydan, bu şeytan. Odur ki, eşidəndə filan məsələ üstündə firqələr əmələ gəlib, mənim gülməyim tutur və qəzetlər vuruşmasını da görəndə deyirəm: “Heyf kağız və qələm!”. İndi yəqin bildiniz ki, niyə mən bu barədə bir şey yazmaq istəmirəm. Bu haşiyəni burada qoyub, mətləbimizi tamam edək. İki il bundan əqdəm Tiflisdə. Şeytanbazarda “Müsəlman cəmaət evinin” (Narodni domin) rəsmi-güşadı idi. (Xəbər var ki, o da allahın rəhmətinə vasil olub). Orada bizim ədiblərdən Haqverdiyev cənabları bir uzun nitq ilə “Camaət evinin” açılmasını təbrik edib, nitqinin axırında dedi: “Həzərat! Insan elmin qüvvəti ilə cəmi yerin və göyün bəliyyətinin qabağına sədd çəkib və onlardan özünü mühafizə edir; amma təqazayi-zəmanənin qabağına sədd çəkmək olmaz; necə ki, elektrik qüvvəsi öz üburində uğraşdığı haili yandırıb keçir. Elə də təqazayi-zəmanənin qabağına sədd çəkmək istəyənləri əzib keçəcək”. Biz nə qədər danışaq, nə qədər vuruşaq, zəmanə öz işini görəcək və övrət məsələsini də layiqincə həll edəcək. Necə ki də edir; ildə bizə altı yüz ana verən haman zəmanədir. Ona görə övrət məsələsini bir yandan zəmanəyə buraxmalı. Və bir yandan da övrətlərin özlərinə vagüzar etməli, onlar özləri öz məsələlərini axırda bizdən yaxşı həll edəcəklər, çünki biz kişilərdən karvarbasdı olmaz! * * * Müsəlmanlarda teatro İslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar. Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi. Buna görə də biz Türkiyədə lazımlı dərəcədə bir teatro görə bilməyirik. Yüngül fransız məzhəkələri, fars, operetta – budur türk teatrolarının Əbdülhəmid sultanlığı zamanında göstərdikləri. Hərçənd türk dilində Şekspir, Şillerin təlifatı, tərcümələri var idi. Amma bunlar teatroya yaxın buraxılmazdı. Çünki böyük mütəfəkkirlərin təlifatı və ruhu ilə cəmaətə tərbiyə vermək Əbdülhəmid ruhuna və fikrinə müğayir idi. Unutmamalı ki, bu təlifatlar da Əbdülhəmidin sultanlığından, yəni Türkiyədən xaricə nəfy olunmuş Türkiyə yazıçıları tərəfindən tərcümə olunurdu. Türk teatroları 1907-ci il inqilabından sonra azadə nəfəs almağa başladı və burada da qarşıya teatro tamaşalarına dair təlifatsızlıq məmanəti çıxdı. Mən demək istəmirəm ki, Türkiyədə dram təlifatı yoxdur, xeyr, onlar çoxdur, amma onlardan heç biri teatroya və səhnəyə uyğun deyildir. Çünki Türkiyə teatrolarının sırasında ciddi teatro olmadığında görə müəlliflər öz təlifatını səhnədə görməyə ümidvar deyildir. Ona görə də öz kitablarını fəqət qiraət üçün yazırdılar, nəinki teatro və səhnə üçün. Bu yaxın vaxtlarda mən bir dram oxudum. O, min beş yüz səhifədən ibarət idi. Elə monoloqları var idi ki, iyirmi səhifədən ibarət idi. Aşkar idi ki, bu təlifatı səhnəyə heç bir cəhətlə mümkün deyildir. Müstəsna olaraq Namiq Kamalın vətənpərvəranə bir ruhda yazdığı “Vətən” faciəsini göstərmək olar ki, bu üzdən Əbdülhəmid zamanında onu səhnədə görmək olurdu və sami bəyin İki-üç faciəsini göstərmək olar. Bunlardan da aşkardır ki, bu azlıqda repertuar ilə səhnə irəliləyə bilməzdi və bilmədi də. Türkiyə inteligentsiyası darama təlifatını “ancaq qiraət üçündür”, deyə tərbiyə almışdır və indi də onun mündəricatı havi olduğu mətləb ilə maraqlanırlar. Nəinki səhnəyə vəzi ilə. Mən bu yavuq zamanda Türkiyənin “Darülbədaye” adında teatrosunun Bakıya gəlmiş aktyoru ilə müsahibədə bulundum. Bu teatro Türkiyədə təzə sənayei-nəfsəyə bina qoymuşdu və gələ-gələ böyük ümid verir. Türkiyədə drama məktəbi yoxdur. “Darülbədayeni” idarə edənlər Fransa və Almaniyada tərbiyə almışlardır. Əsərlər Zidd Sürgün Əhatə edən Qoyuluş İncəsənətdir Bunun üçün Avropa repertuarına artıq əhəmiyyət verirlər, nəinki Türkiyə həyatından yazılmışlara. Neçə il bundan əqdəm Tiflisdən türk aktyorları İstanbula gedib Azərbaycan müsənniflərinin qələmə aldığı pyesləri səhnəyə vəz etmişlər. Nəticə nə olmuşdur? Türkiyə qəzetləri etiraf etmişlər ki, Azərbaycan teatrosu Türkiyə teatrosunu adlayıb irəli getmişdir. Türkiyədə teatro axır vaxtlara kimi bu haldadır. Orta Asiya bu vaxta qədər öz dramaturquna malik deyildir. Yerli müsəlmanların arasında teatro 1905-ci ildən sonra meydana gəlmiş və Azərbaycan müəlliflərinin yazdığı pyeslər ilə doyuzdurulur. Volqaboyu tatarlarının 1905-ci ilədək nə teatro, nə də repertuarları olmuşdur. Kazan, Ufa, Orenburq mətbəələri, demək olar ki, ancaq Quran və dualar təbi ilə məşğul idilər. Rəsmi surətdə “Müsəlmanlara bərəks misyoner cəmiyyəti”, başda İlminski çalışırdı ki, tatar xalqını və sənayei-nəfisəni qaranlıqda saxlayıb, onları ancaq xaçpərəstlik ilə işıqlandırsınlar. Amma şəkil 1905-ci ildən bəri dəyişir. Əgər biz taraca təb və nəşr olunmuş ədəbiyyatı alıb baxsaq, 1905-ci ildən bəri tarixi görəcəyiz. Bu ildən, teatro ədəbiyyatı və teatro intişara başlayır. İndi tatarlarda bir çox sənayei-nəfisə qanununa müvafiq pyeslər vardır və əgər biz desək ki, bu az müddətdə, yəni on beş il ərzində tatarlar teatro və ədəbiyyat cəhətcə bizdən irəli getmişlər, Azərbaycan müəlliflərinin şəxsiyyətinə toxunmamalıdır, bəlkə tatarlara həsəd aparmalıdır. Tatar pyeslərinin arasında hərçənd ruscadan tərcümələr görünürlər, amma pyeslərin çoxu tatar həyatından yazılmışdır. Buna diqqət etməli və biz də belə etməliyik. Artıq xoş halda bilümum türk ədəbiyyatı və bilxüsusi türk teatrosu olmuşdur. Azərbaycan mərkəzdən uzaq olduğuna və müsəlman məmləkətləri Iran və Türkiyəyə yavuq olduğuna və az zaman bundan qabaq Rusiyaya mülhəqq olduğu üçün türklər və Volqaboyu tatarlar çəkdikləri qədər sıxıntı çəkməmişlər. Doğrudur, qəzetə və jurnal təb və nəşr etmək izni verilmirdi. Lakin kitab nəşr etmək heç olmazsa senzor izni ilə mümkün idi. Məlumdur ki, əgər köhnə üsuli-idarə qalardısa və 1905-ci il inqilabı olmazdısa, türklər də tatarlar keçirən günləri keçirəcəklərdi. Türk teatrosu üçün 1905-ci ildən sonra çox işlər görüldüsə də, amma 1917- Ümumən ci il inqilabı onun yolunda olan bütün məmanətləri rəf etmiş və onun möhkəmlənməsinə səbəb olmuşdur. Türk teatrosu barəsində, onun keçmişindən, İndisindən və gələcəyindən və gələcək məramından jurnalımızın gələn sayında bəhs edəriz. Çünki bu, Azərbaycan üçün həyati məsələdir və bunun barəsində ətraflıca danışmalıdır. * * * Beş il On doqquzuncu ilin fevral ayının soyuq bir sübhü idi. Saat səkkizdə məni ev sahibinin telefonuna çağırdılar. Telefonu qulağıma tutub qabaqca ağlar bir səs eşitdim. Qolum boşaldı, ürəyim döyünməyə başladı. Ağlamaq arasından bu sözləri eşitdim: – Əlbəttə, bu saat gələsiniz, bu gecə Əliqulu Nəcəfzadəni öldürüblər. Mən, doğrusu, inanmadım, çünki onun nə düşməni var idi və nə də ola bilərdi. Fövrən bir fayton tutub Moskovski küçəyə çatdım. Yolda xəyalıma gəldi ki, bəlkə onu “Molla Nəsrəddin” düşmənlərindən mütəəssibin biri öldürmüş ola, bu da başqa yerdə mümkün olsaydı da, o vaxt Tiflisdə mümkün deyildi. Mənzilə daxil olub, mərhumun qardaşı Rzaqulunu və dostu Zeynal Məmmədovu – hər birini bir küncə qısılıb ağlayan gördüm. O biri otağa keçib gördüm: döşəmənin üstündə Əliqulu Nəcəfzadənin beşaltı güllə ilə deşilmiş nəşi düşüb, onun həmişə gülər dodaqları ki, lətifələr mənbəi idi, həmişəlik yumulub; onun həmişə fərəhlə dolu və gələcəyə ümidvar gözləri bir nöqtəyə dayanıb baxırlar, guya ki, mərhum, dünyaya, fələyə, təbiətə və cəmi məxluqata mühüm bir sual verib, cavab gözləyir: – Əcəba, məni nə üçün öldürdülər?! Menşevik Gürcüstan qaradovoyunun bir nəfər aciz, zəif, şikəst Azərbaycan mühərririnin bədənində öz tapançasının zorunu sınamaq fikri olub! Ömründə Əliqulu səhnə görməmiş, ilk dəfə səhnəyə çıxıb tamaşaçıları heyrətə gətirdi. Bakı teatr sevənlərindən onu hər kəs “Ölülər” komediyasında Şeyx Nəsrulla rolunda görüb, İndi də xəyalından çıxartmayıb. Gözəl natiq, şirin zəban, dərin fikirli, geniş məlumat sahibi və Qeyd: jurnalın cəmi bircə nömrəsi çıxmışdır insanı təəccübə gətirən hafizəli bir vücud idi ki, uşaqlığından axır gününədək hər nə əşar oxumuş idisə, hamısı hafizəsində idi. Əliqulu Nəcəfzadəyə dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin” məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm. Heyf olsun bivəxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir. Bununla onun nəcib ruhunu təmin edirik. * * * “Pəri cadu” haqqında qeydlər Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir. İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur. * * * Ən qədimdən insanlar iki bərəks və əsas qüvvələrin çarpışmasına və mübarizəsinə etiqad bağlamışlar. Insan beləliklə öz təbiətində olan iki mübariz qüvvəni ki, biri ola nəfs və o birisi əqli-səlim, özündən kənarda bulunan İki qüvvənin təsiri bilərək, bu qüvvələrə cisim geyİndirib allahlıq mərtəbəsinədək yüksəltmiş. Xeyir allahı ilə şər allahı həmişə vuruşmada olublar. İranda Hürmüzd və Əhrimən adında iki allah ki, biri zülmət və biri nur allahıdır, həmişə mübarizədədirlər və əqidələrinə görə də mübarizənin axırında Hürmüzd Əhrimənə qalib gələcək və həmişəlik yer üzündə nurisəltənət edəcəkdir. Bütpərəstlik aləmində və vəhşi xalqlar arasında da bu İki qüvvəyə etiqad var. Camaatın canına, əmlakına gələcək bir bəlanın rəfi üçün şər allahına qurbanlar kəsib, onu özlərindən razı edirlər. Bir allaha sitayiş etməyi qəbul etdikdən sonra yenə bu İki əsas qüvvənin varlığını başlarından çıxara bilmədilər. O di ki, qaranlıq və zülmət əvəzinə allah və şeytan məsələsini ortalığa atdılar və bu İki qüvvə islam, xaçpərəst, yəhudi camaatları arasında indi də vaqedir. * * * Artistlik sənəti haqqında Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla. Artist Sidqi Ruhullaha vəsiyyətim: artistliyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına qəyuranə. davam edib mərdanə getməyin axırda işıqlı bir mənzilə yetirməyi şübhəsizdir. Həmişə xəyalın bu yerdə olsun ki, bu gün dünəndən yaxşı oynayasan. Çünki artist nə qədər yaxşı oynasa, gərək bilsin ki, daha yaxşı oynamaq mümkündür. Qürurla, mərdliklə * * * Abbas Mirzə Şərifzadə haqqında 1 Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət! 2 ...Aktyor ömründə 20 illik yol uzun bir yoldur. Türk aktyorunun ömründə isə bu yol iki və üçqat uzundur. Türk aktyorunun yolunun İki tərəfi istehzadan, həqarətdən yapılmış, sərac yol özü isə iti tikanlar ilə döşənmiş çuxurlardan və uçurumlardan ibarətdir. Abbas Mirzə ətrafını çulğalayan bir böylə maneələrə baxmayaraq, müstəqim, mətin, ümidlə dolu bir ürəklə bu uzaq yolu qəhrəmanlıqla keçib türk səhnəsində parlaq bir məkan tutmuşdur. Səhnəyə qədəm qoyandan İndiyədək Abbas Mirzə Şərifzadə rol arxasınca gəzməmiş, həmişə rol onu axtarmış, tədriclə bir məktəb uşağıdək xırdaca rollardan başlamış, axırda bu mövqeyə çatıb türk səhnəsinin zinəti və Avropa miqyasında tanınan aktyoru olmuşdur. Nadir şah, Ağa Məhəmməd şah, Pərviz, Nəcəf bəy, Aydın, Oqtay və axırda Otello və Hamlet rollarını məharətlə yaratmışlar. Türk aktyoru heç vaxt aristokrat və burjuaziya sinfinə xidmət etməmişdir. Teatromuzun həyatının şahidləri onu təsdiq edirlər. Aktyorun xidməti həmişə kütləyə oldubdur. Aristokratlar və burjuylar aktyordan həzz aparırdılarsa, o həzzi lotu Cabarlardan apardıqları həzzdən ayırmamışlar. Kütlə isə həmişə aktyoru özünə oğul, ata və müəllim bilibdir. Odur ki, zəhmətkeş sinfi hökuməti öz əlinə alarkən aktyora layiq olduğu məqamı verdi və öz aktyorlarını vaxtı-vaxtında ürəkdən təbrik etməməkdədir. Aprel inqilabından sonra Abbas Mirzə səyini onqat artırıb zəhmətkeş sinfə xidmət etmiş, xalqın sevimlisi olmuşdur. * * * Mirzə Fətəlinin faciəsi Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”. Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?” Molla Nuru cavab verir: “Bəli, mənim hünərim fil-həqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdır ki, onun təsirini qəbul edə. Habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?” Bundan böyük faciə olarmı? Mirzənin yazdıqlarını, söylədiklərini nəinki anlayan yox idi, hətta onun komediyalarını para ilə alıb yandırmağı hər bir “müsəlman” səvab əməl hesab edirdi. 1849-cu ildə canişin Voronsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları çox tezlikdə işə başladılar. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı... Bu da bir faciə. Daha bir faciə. Mirzə Fətəli ömrünün axırına qədər öz əsərlərini Azərbaycan dilində səhnədə görməyə müvəffəq olmadı. 1873-cü ildə Bakıda birinci dəfə olaraq Azərbaycan dilində “Hacı Qara” komediyasının oynanılmasının xəbərini Həsən bəy Zərdabidən alıb, ona belə bir cavab verdi: “Mən qocalmışam və qəbr evinə yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün on sənə daha uzanmasına səbəb oldu”. On il yox, beş il ondan sonra Mirzə arzuları, əməlləri ürəyində qalaraq, gözlərini həmişəlik yumdu. Mirzənin vəfatı da faciəsiz keçmədi. Şeyxül-islam Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən Mirzə ilə çox müsahiətdə olduğumdan onun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni onun namazını qılmaqdan imtina etməyə məcbur edir”. Bu sözü eşidib qalan mollalar da Mirzənin namazını qılmaqdan boyun qaçırtdılar. Mirzəyə namaz lazım deyildi. Fəqət bu, onun əqrəbası üçün bir nisgil oldu. Çox danışıqdan sonra əməleyimövtadan Molla Hüseyn adlı bir kişi gedib onun namazını qıldı. Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini yerdən götürmək istəmədilər. Üç gün cənazəsi evdə qalandan sonra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. “Möminlər” onun cənazəsinin dalınca da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, onu qəbrə qoymağa razı oldular. Bununla belə, Mirzə naümid getmədi. Gələcəkdə ona qiymət veriləcəyinə xatircəm idi. Əsərləri çap olunan qəzet parçalarını, aldığı məktubları yığıb saxlaması buna şahiddir. Həmin parça kağızların hər birinin bir qiymətli şey olacağını Mirzə yəqin etmişdir. Mirzənin dedikləri doğru çıxdı. Zəhmətkeş hakimiyyəti zamanında o artıq qiymətləndi... Onun üçün abidə tİkildi, onun şərəfinə bir çox təntənəli iclaslar düzəldi. Bir çox müəssisələr onun adı ilə adlandı. Budur, böyük bir elm işçisinin zəhmətkeşlərdən aldığı mükafat! * * * M.F.Axundovun həyat və fəaliyyəti 1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi. Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur. Dramaturqun atası mirzə Məmmədtağı 1811-ci ildə Təbrizin yaxınlığındakı Xamnə qəsəbəsindən Nuxaya gəlib, o zaman Nuxada məşhur olan Molla Ələsgərin qardaşı qızı ilə evlənmişdi. Mirzə Fətəli həmin bu nikahdan doğulmuşdur. Uşaq doğulduqdan iki il sonra Mirzə Məmmədtağı arvadını və uşağını götürüb Xamnəyə getdi. Sən demə onun burada başqa bir arvadı da varmış. Axundovun anasının həyatı ərinin evində dözülməz bir vəziyyətdə keçdiyi üçün dörd ildən sonra, o, o zaman Ərdəbildə yaşayan əmisinin yanına geri göndərilməsini ərindən xahiş etdi və altı yaşlı uşaq da anası ilə birlikdə oraya gəldi. Bundan sonra onun atası haqqında heç bio şey məlum deyildir. Çox keçmədən Mirzə Fətəlinin anası da öldü və Molla Ələsgər uşağın tərbiyəsi ilə şəxsən özü məşğul oldu. Bir il sonra Molla Ələsgər ona Quran oxumağı öyrətdi, sonra isə fars və ərəb dillərindən dərs deməyə başladı. Molla Ələsgər öz zəmanəsində elmli, ərəb və fars dillərini, fiqhi dərindən bilən bir şəxs hesab olunurdu. O, Fətəlini oğulluğa götürdü və bundan sonra Fətəli xalq arasında “Molla Ələsgər oğlu” adı ilə tanındı. 1825-ci ilə kimi Molla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təkrar Qafqaza gəlib Gəncə şəhərində sakin oldular. Bir il sonra Şahzadə Abbas Mirzənin başçılığı ilə İran qoşunları Qarabağ və Gəncə üzərinə hücum etdilər. İran və rus qoşunları arasında qızğın döyüş başlandı. Döyüşlərin xüsusilə qızğın aparıldığı Gəncə şəhəri dəfələrlə əldənələ keçdi. Geri çəkilməyə məcbur olan İran qoşunları dinc əhalini talan etdilər və onlar şəhərdən çıxdıqdan sonra Molla Ələsgər tamamilə müflisləşdi və əlində qalan cüzi əmlakını satıb çox çətinliklə vətəni Nuxaya qayıtdı. 1833-cü ildə Məkkə ziyarətinə gedən Molla Ələsgər Mirzə Fətəlini yenidən Gəncəyə gətirdi, Molla Hüseyn adlı birinin evində qoyub, məntiqdən və fiqhdən ona dərs deməyi tapşırdı. Molla Ələsgərin məqsədi Mirzə Fətəlini də özü kimi molla etmək idi. Lakin xoşbəxt bir təsadüf onun bu niyyətinə mane oldu. Məşhur filosof və mütəfəkkir Mirzə Şəfi bu zaman Gəncə məscidinin hücrələrinin birində yaşayırdı. Həmin mirzə Şəfi nəstəliq xətti ilə yaxşı yazması ilə də məşhur idi. Mirzə Fətəli Mirzə Şəfinin yanına gedib ondan nəstəliq dərsi alırdı. O, Mirzə Fətəlinin son dərəcə istedadlı olduğunu hiss edib, bir gün ondan məqsəd və arzularının nədən ibarət olduğunu xəbər aldı. Mirzə cavab verdi ki, onun məqsədi molla və mollalıqla güzəran keçirməkdir. Buna cavab olaraq Mirzə Şəfi ona belə bir sual verdi: “Sən də bu mollalar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Mirzə Şəfi qısa bir müddətin içərisində Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişdirdi, rus dilini öyrənib Dövlət idarələrində qulluğa girməyi ona məsləhət gördü. Molla Ələsgər Məkkədən qayıtdıqdan sonra gördü ki, qardaşı nəvəsinin dünyagörüşündə, əqidə və etiqadında dərin dəyişiklik yaranmışdır. Bu zaman rus hökuməti Nuxada “Qəza məktəbi” açmışdı. Mirzə Fətəli atalığından inadla xahiş etdi ki, onu bu məktəbə qoysun. Yaşı çox olduğu üçün o, məktəbdə ancaq bir il oxuya bildi və yüksək bacarığı sayəsində rus dilini birtəhər öyrəndi. Molla Ələsgər 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib, onu Şərq dilləri mütərcimliyinə təyin etmək və rus dilini öyrətmək üçün ona rəhbər ayırmaq xahişi ilə o zamankı canişin baron Rozenə ərizə verdi. Baron Rozen Molla Ələsgərin xahişini qəbul etdi. Mirzə Fətəli Qafqaz canişinliyi dəftərxanasında mütərcim təyin edildi və ömrünün axırına kimi bu vəzifədə çalışdı. Baron Rozendən sonra Qafqaz canişinliyinə Voronsov təyin olundu. Öz komediyalarının müqəddiməsində Axundov yazır: “1849-cu ildə canişin knyaz Voronsovun sərəncamı ilə Tiflisdə teatr adlandırılan bir bina tikildi”. Yerli dillərdə repertuar tərtib etmək üçün canişin üç ko- Ə.Haqverdiyev, Mirzə Fətəlinin əsərlərindən gətirdiyi sitatları sərbəst götürdüyü üçün bir də həmin sitatları mənbələrindən götürməyib, məqalədə olduğu kimi tərcümə etdik misyon: gürcü, erməni və Azərbaycan komisyonları yaratmağı əmr etdi. Azərbaycan komisyonunun təşkili Mirzə Fətəliyə tapşırıldı. Axundov, azərbaycanlıların içərisində başqa adam tapmadığı üçün özü komediya yazmağa başladı və bir ilin içərisində üç komediya: “Kimyagər”, “Müsyö-Jordan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1267, hicri, 1850/51) əsərlərini, 1851-ci ildə “Hekayəti-xırsquldurbasan”, 1852-ci ildə “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara), 1855-ci ildə “Təbriz vəkilləri” komediyalarını yazdı. Mirzə Fətəli yazmışdır: “Altı komediya və bir hekayə yazaraq başqa müəlliflər kimi mən, oxuculardan nöqsanlarımın bağışlanmasını xahiş etmirəm. Mən onlardan xahiş edirəm ki, bu növ ədəbiyyatla tanış olsunlar və bu cür ədəbiyyatın xalq içərisində yayılmasına çalışsınlar. Mən bir təşəbbüskar kimi ancaq bunun nümunəsini verirəm”. O zaman Azərbaycan ədəbiyyatı nə vəziyyətdə idi? İranın lirik şairləri Sədi və Hafizin təsiri altında inkişaf edən poeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-fır fırlanırdılar. Ədəbiyyatın başqa formaları haqqında nə şairlərin, nə də ki, xalqın təsəvvürü var idi. Belə bir zamanda Mirzə Fətəli dram ədəbiyyatının “nümunəsini” yaratdı. Lakin bu komediyalar qələm təcrübəsi deyil, istedadla yazılmış əsərlərdir, yaradıcılıq inciləridir. Mirzə Fətəli Axundovun ardıcılı olan hər bir dramaturq bunlara qibtə edə bilər. 75-78 il yaşamalarına baxmayaraq, adam bu komediyalara, xüsusən daim cavan olan “Hacı Qara” komediyasına maraqla tamaşa edir. Teatr görmədən (o zaman Tiflisdə teatr yox idi), səhnə ilə qətiyyən tanış olmadan, Qoqol və Molyerin əsərlərindən başqa heç bir şeylə tanış olmadan belə nümunəvi komediyaları ancaq Mirzə Fətəli Axundov kimi çox böyük istedada malik bir adam yaza bilərdi. Mirzə Fətəli Axundov Avropa mədəniyyətinin qızğın tərəfdarı olduğu üçün, həmişə öz vətəndaşlarını bu mədəniyyətə qovuşdurmaq arzusu ilə yaşayırdı. O yazmışdır: “Kim mədəniyyətin və sivilizasiyanın tərəfdarıdırsa – mən onun quluyam; kim mədəniyyətin və sivilizasiyasının əleyhinədirsə – mən ondan uzağam”. Mirzə Fətəli belə hesab edirdi ki, müsəlmanların geridə qalmasına onların əlifbası səbəb olmuşdur, buna görə də o, əlifbanın islahına girişdi. O, soldan sağa yazılan əlifbanın tərəfdarı idi və hətta Avropa əlifbasına keçməyi təklif edirdi; o, ərəb əlifbasının islah edilməsinin xeyri haqqında İran maarif nazirinə göndərdiyi yazılı məruzədə belə əlifbanın sağdan sola yazılan əlifbadan üstün olduğunu sübut edirdi. O yazırdı: “Hər bir şəxsə məlumdur ki, soldan sağa xətt çəkmək sağdan sola çəkməkdən asandır”. Lakin eyni zamanda o, qeyd edirdi ki, halhazırda bunu həyata keçirmək bizim qüvvəmiz xaricindədir, çünki bizim xalqımız qaz lələyindən qayrılmış pero ilə yazmağı bacarır, dəmir pero ilə yazmır, duru mürəkkəb deyil, qatı mürəkkəb işlədir, stol üstündə yazmağı bacarmayır, dizləri üstə yerə oturaraq ikiqat əyilib yazır və i. a. Buna görə də o, müvəqqəti olaraq özünün düzəltdiyi əlifbanı tövsiyə edir və sağdan sola yazmağı təklif edirdi. Mirzə, bununla sadəcə olaraq, kütlələrin cəhalətini nəzərə alırdı, çünki soldan sağa yazmaq təklifinə avam kütlə müsəlman dininin əsasını pozmaq kimi baxa bilərdi. O zamanın şəraitinə görə, Axundovun təklif etdiyi əlifba, ancaq Türkiyə və İran tərəfindən qəbul olunduqdan sonra tətbiq edilə bilərdi. Odur ki, 1863- cü ildə Axundov Istanbula gedib, öz əlifbasını Türkiyə maarif nazirliyinə təklif etdi. Vaxtı ilə Iranın Zaqafqaziyada baş konsulu olmuş Hüseyn xan adlı birisi bu zaman türk sarayı nəzdində elçi idi. Sən demə, “Sərgüzəşti-vəzirixani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarına görə onun ürəyində Axundovla ədavəti var imiş. Ona elə gəlirmiş ki, bu pyeslərdə fars xalqının ləyaqəti təhqir olunur. Bundan heç bir xəbəri olmayan Mirzə Fətəli Axundov İstanbula gələndə Hüseyn xanın evinə düşdü. Hüseyn xan bir tərəfdən Axundovu evində qonaq saxlayıb ona hər cür hörmət edirdi, o biri tərəfdən isə Türkiyə nazirlərini və maarif nazirliyinin “elmi şurasının” üzvlərini inandırırdı ki, Axundov dindən üz döndərib, kafirdir. Mirzə bundan xəbər tutan kimi dərhal Hüseyn xanın evindən köçüb başqa yerdə sakin oldu. O cənabın fitnəkarlığı nəticəsində “elmi şura” Axundovun əlifbasını rədd etdi, Mirzə nəticəsiz geriyə qayıtdı. Tiflisə qayıtdıqdan sonra, Mirzə Fətəli Axundov ərəb əlifbasının nöqsanları haqqında bir kitabça yazdı və düzəltdiyi əlifbanı da ona əlavə edib Tehrana göndərdi, lakin oradan cavab belə almadı. İctimai həyat səhnəsinə atıldığı ilk gündən etibarən Mirzə Fətəli Axundov xalqın avamlığına, cəhalətinə və mövhumi adətlərə qarşı amansız mübarizəyə başladı. O, ruhanilərlə, şeyxül-islamla daim dini mövzularda mübahisələr edir və dini ehkamların şərhində onların cahil olduğunu məntiqlə sübut edirdi. Əslində o, materialist olduğu üçün heç bir dini qəbul etmirdi. O zaman Mirzə Fətəlinin yerinə kim olsaydı, avam kütlə onu parça-parça edərdi, çünki o vaxt elə bir zaman idi ki, xalqın cəhaləti son dərəcə güclü idi və ruhanilər xalqın ağlını istədikləri tərəfə istiqamətləndirirdilər, xalq onların arzularına kor-koranə tabe olurdu. lakin Axundov elə bir zamanda yaşayırdı ki, o zaman qəza idarəsinin miskin mütərcimi yenilməz böyük bir şəxs idi, Qafqaz canişinliyi dəftərxanasının mütərcimi isə elə bir sima idi ki, ruhanilər onunla hesablaşmaya bilməzdilər. Beləliklə, Axundovun qulluğu onu xilas edir və ideyalarını yaymaq üçün imkan yaradırdı. 1878-ci il, fevralın 28-də Mirzə Fətəli Axundov vəfat etdi. Mirzə Fətəlinin ölümünü şeyxül-islam Molla Əhmədə xəbər verdikdə o, belə dedi: “Mən Mirzə Fətəli ilə tez-tez söhbət etmiş, dini və başqa mövzularda mübahisələr etmişəm, mən onun din haqqında olan nöqteyinəzəri ilə tanışam, buna görə onun namazını qılmaqdan imtina edirəm. Başqa mollalar da şeyxül-islamın ardınca gedərək, onun cənazəsi üzərində namaz qılmaqdan imtina edirlər. Uzun minnətlərdən sonra şeyxül-islam məscidin xadimlərindən biri Molla Hüseynə tapşırdı ki, gedib Mirzənin nəşi üzərində “bir neçə söz desin”. Mollaların yoldan çıxardığı Tiflis əhalisi onun nəşini qəbiristanlığa aparmaqdan boyun qaçırtdı. Böyük mütəfəkkirin nəşi üç gün evdə qaldı. Nəhayət, Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat verməli oldular. Mirzə Fətəli Axundov Azərbaycan xalqının arasında bir növ diyakon idi: o, gündüzlər əlində fanar xalqın arasında gəzib “adam axtarırdı” və onu tapmırdı. Bu tənhalıq onu olduqca sıxırdı. Özünün bu mənəvi faciəsini o, qəhrəmanlarından biri, “Kimyagər” komediyasındakı şair Hacı Nurunun dili ilə ifadə etmişdir. Şair Hacı Nuru, iksirin köməyi ilə kimyəvi üsulla adi metaldan hasil etdiyi gümüşü Molla İbrahim Xəlildən ucuz qiymətə almaq üçün onun yanına getməkdən ötrü toplaşan nuxalıların yanına gələrək, onlara bu fikirdən əl çəkməyi məsləhət görür və izah edir ki, hər kəsin öz sənəti özünə iksirdir, bura toplaşanların hamısı ona görə yoxsuldur və ona görə vəsaitə ehtiyacları vardır ki, öz peşələri ilə məşğul olmurlar: birinin atası dəllək idi, o isə həkimliklə məşğul olub, adamları dəstədəstə o dünyaya göndərir; biri vaxtilə əkinçilik edərdi, İndi isə torpağını atıb qeybətlə, xəbərçiliklə məşğul olur. Bu zaman toplaşanlardan biri Hacı Nuruya belə bir sual verir: “Siz iksir haqqında danışırsınız. Siz şairsiniz, sizin sənətiniz şairlikdir, nə üçün sizin şeriniz iksir deyildir və bizim kimi sizin də vəsaitə ehtiyacınız vardır”. Hacı Nuru cavab verir: “Mənim iksirimin təsirini qəbul etmək üçün müvafiq metal lazımdır, nə qədər axtarıram o metalı tapa bilmirəm. Buna görə də mən yoxsulam”. Mirzə Fətəli öz iksiri ilə gəzərək, bütün ömrü boyu xalqın cəhaləti ilə, mövhumi adətlərlə amansız mübarizə aparmış, öz xalqını sivilizasiyaya, Avropa mədəniyyətinə qovuşmağa çağırmış, xalq isə onu başa düşməyib, dinin düşməni adlandırmışdır. Onun komediyaları 1859-cu ildə ilk dəfə Azərbaycan dilində nəşr olundu. Halbuki onun komediyalarının rus və gürcü dillərinə tərcümələri hələ 1853-cü ildə nəşr edilmişdi. Onun əsərlərini alıb yandırmağı hər bir mömin müsəlman özü üçün böyük savab hesab edirdi. Mirzə Fətəli öz təbiəti etibarilə yumşaq, hazırcavab, sakit və insanlara inanan bir adam idi. Mübahisə zamanı, xüsusən dini mövzularda gedən mübahisələrdə, mübahisəyə girişənlər ağızları köpüklənəköpüklənə qışqırıb özlərindən çıxdıqları halda, Axundov, ona endirilən zərbənin hamısını sakit tərzdə dəf edirdi. Kömək üçün ona müraciət edənlərin heç biri razı salınmamış geri qayıtmırdı. Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı. Qardaşı oğlu Behbudun taqsırı üzündən Zakir oğlu və qardaşı oğlu ilə birlikdə Sibirə sürgün edilməyə məhkum olunduqda, Mirzə günahsız müqəssirləri müdafiə etdi. Nəticədə Zakirin Sibirə sürgün olunması haqqındakı hökm polisin nəzarəti altında yaşamaq şərti ilə dörd aylığa Bakıya sürgün edilmək hökmü ilə vəz olundu, oğlu və qardaşı oğlu isə vətənlərinə qaytarıldı. Axundovla Zakirin arasında mənzum və mənsur məktublaşma həmişə davam etmişdir. Hətta rəvayət var ki, Mirzə Fətəlinin “Hacı Qara” və “Müsyö Jordan” komediyalarının süjetini Zakir vermişdir. Bu mühüm məsələ dramaturqun arxivi açıldıqdan sonra məlum olacaq. Hələlik bu arxivin alınması haqqında danışıq gedir. Müəllif, Hacı Nurunun cavabını qısaltmış, bir qədər mətndən uzaqlaşmışdır.Həmin cavab əslində belədir: “Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki söz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdır ki, onun tərkibini qəbul edə: habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zaman ki, mənim bəxtimdən həmşəhərlərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var, bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir”. Mirzə Fətəli Axundov altı komediya və “Aldanmış kəvakib” adlı bir hekayə yazmışdır. Bu yaxınlarda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri yoldaş Ağamalıoğlu onun “Kəmalüddövlə və Cəlalüddövlə məktubları” adlı əsərinin əlyazmasını tapıb ayrıca kitabça kimi nəşr etdirmişdir. Axundovun müsəlmanlığa və dinə olan münasibəti burada çox aydın müəyyən edilmişdir. Bu əsərində o, həqiqi materialistdir, bunun üçün də vaxtilə ruhanilər tərəfindən təkzib edilirdi. Axundovun komediyaları Qoqol və Molyerin təsiri altında yazılmışdır. Bəzi mühərrirlər onu Azərbaycan Molyeri adlandırırlar. “Aldanmış kəvakib” hekayəsini rus dilinə tərcümə edən Falev isə ona Azərbaycan Qoqolu adı vermişdir. Onların hamısı haqlıdır: “Aldanmış kəvakib” hekayəsində və “Təbriz vəkilləri” komediyasında o, Qoqoldur, qalan komediyalarında isə Molyerdir. Mirzə Fətəli Axundov birinci zərbəni xalqın cəhalətdə qalmasının başlıca müqəssirləri olan ruhanilərə endirmişdir. Molyerin “Tartüf” əsərinin təsiri altında o, gecə-gündüz dua oxuyaraq din pərdəsi altında gizlənən, həyasızcasına xalqı aldadıb soyan fırıldaqçı Molla İbrahim Xəlil və onun köməkçisi Molla Həmid surətlərini yaratmışdır. Molyerin “Xəsis” əsərinin təsiri altında o, “Sərgüzəşti-mərdi-xəsis” pyesində ölməz Hacı Qara surətini yaratmışdır. O Hacı Qara ki, İrandan gətirdiyi qaçaq mal əlindən çıxır, ancaq qəza rəisinə yalvarır ki, onun cibindən çıxardıqları on qəpiyi özünə qaytarmağı adamlarına əmr etsin. Mirzə Fətəli öz dövrünün heç bir bacarığı olmayan, başqalarının hesabına yaşayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, bununla da özlərini qoçaq göstərmək istəyən bəylərini də az tənqid etməmişdir... Müəllif, xalqın müxtəlif cadugərlərə və cadugərliyə inanmasına gülürdü. Onun “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” pyeslərində Iran məhkəmələri və məmurların rüşvətxorluğu ifşa edilir. O zaman qadın surətlərinin yaradılması ədəbiyyatda böyük bir inqilab idi. Axundovun pyeslərindəki qadınlar kişilərdən daha ağıllı, gözüaçıq və düşüncəlidirlər. Qadınlarla kişilərin arasında gedən mübarizələrdə, “Müsyö Jordan” və “Vəziri-xani-Lənkəran” pyeslərində olduğu kimi, qadınlar qalib gəlirlər. Mən deməliyəm ki, Axundovun komediyalarındakı tiplər uydurulmamışdır, bilavasitə həyatdan götürülmüşdür. Komediyalarda verilən şəxslər, həqiqətən, həyatda yaşamışlar. Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar. Molla Xəlil kimyagərin nəvəsi ilə mən özüm Tiflisdə tanış olmuşam. O, orada həvəskar artist idi. Hələ Axundov anadan olmamışdan əvvəl vəfat edən Vaqifin şeirlərində Müsyö Jordan və Hətəmxan ağa haqqında işarələr vardır. Lakin onlardan həqiqi, ölməz surətlər yaratmaq üçün Axundov istedadı lazım idi. M.F.Axundov ədəbi fəaliyyəti ancaq komediyalarla məhdudlaşmırdı. O, “Qafqaz” qəzetində ictimai mövzularda məqalələr dərc etdirmiş, 50-ci illərdə Tiflisdə çıxan “Zurna” almanaxında Ağa Məhəmməd şahın Şuşada öldürülməsinin ətraflı təsvirini vermişdir. Axundov poeziyaya da yabançı deyildi, onun Azərbaycan və fars dillərində bir neçə şeri vardır. Axundovun əsərləri əvvəlcə rus və gürcü dillərinə tərcümə edilmişdi. “Hekayəti-Müsyö-Jordan həkimi-nəbatata” və “Vəziri-xaniLənkəran” pyesləri erməni dilinə də tərcümə edilmişdir. Rus və gürcü tərcümələri nəşr olunmuş, ermənicə tərcümə olunmuş pyeslərin birinin üstündə Axundovun şəxsən yazdığı bir qeyd var: “Satenik xanıma icazə verirəm ki, bu pyesi öz benifisinə tamaşaya qoysun. Müəllif Axundov, 1874-cü il”. Belə bir orijinal istedadın meydana çıxması o zamankı rus ədəbiyyatçılarının nəzərindən qaçmadı. 1853-cü ildə “Russki İnvalid” qəzetində Axundovun əsərlərinin təhlilinə həsr olunmuş məqalə buraxılmışdır. Həmin məqaləni “P.L.” imzası ilə yazan naməlum bir ədəbiyyatçı həyəcanlı bir tərzdə qeyd edir ki, “yeni dram dühası, Azərbaycan Molyeri yaranıb, o öz kiçik vətənindən xaricdə də məhşurlaşdırılmağa layiqdir”. O zamankı Peterburq “uzaq ucqarın” yazıçısı ilə də maraqlandı. “Literaturnaya letopis”in yazdığına görə, onun “Müsyö Jordan” komediyası orada xüsusi səhnədə tamaşaya qoyulmuşdur. Axundovun komediyaları 1817-1874-cü illərdə Mirzə Cəfərin tərcüməsi ilə fars dilində Tehranda daş çapı ilə nəşr olunmuşdur. Avropa şərqşünasları bizim yazıçının əsərləri ilə bu tərcümənin sayəsində tanış olurlar. 1882-ci ildə Haqqarda və Strançe “Vəziri-xaniLənkəran” komediyasının fars mətninin ingiliscəyə tərcüməsini lüğət və qeydlərlə nəşr etdilər. Bundan sonra 1886-cı ildə Parisdə Barbie de Meynar “Jurnal aziatik” məcmuəsində “Kimyagər” komediyasını fransızca buraxmış və 1889-cu ildə o, “Hekayəti-xırsquldurbasan” komediyasını Azərbaycan dilində şərqşünasların Stokholm konqrasına təqdim etmiş, pyes Stokholm konqrası əsərlərinin birinci cildində çıxmışdır. Yenə də 1899-cu ildə Adolf Silyer “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarını fars dilində Parisdə nəşr etmişdir. Bundan başqa, Axundovun pyeslərinin ingilis və fransızcaya tərcümələrinin nəşrləri də vardır. Bizdə isə Axundovun əsərlərinin Azərbaycan dilində çıxmış nəşri artıq çox çətinliklə tapılır. Ancaq bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatı onun əsərlərini yeni əlifba ilə buraxmışdır. Mirzə Fətəli sağlığında əsərlərini Azərbaycana dilində səhnədə görməmişdir. İlk dəfə 1873-cü ildə martın 9-da “Hacı Qara” komediyası Bakıda Həsənbəy Məlikovun rəhbərliyi ilə realni məktəbin şagirdləri tərəfindən tamaşaya qoyulmuşdur. Həsənbəy Məlikovdan bu haqda məlumat aldıqda Mirzə Fətəli ona yazmışdır: “Mən qocalmışam, yaxında öləcəyimi gözləyirdim, ancaq bu xəbər mənim ömrümü on il uzatdı”. Lakin o, beş ildən sonra, 1878-ci il fevralın 28-də (köhnə hesabla) bütün həyatını və qüvvəsini mədəniyyətinin inkişafına həsr etdiyi xalq tərəfindən unudulmuş, tənha bir vəziyyətdə gözlərini həyata yumdu. Ölərkən onu ancaq ailəsi və iş yoldaşları əhatə etmişdi. Azərbaycanın bu böyük oğlunu layiqi ilə qiymətləndirmək üçün zəhmətkeşlər hökumətinin yaranması lazım imiş. * * * Mirzə Fətəli və ərəb əlifbası Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır. Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır. Ərəb əlifbasının dəyişilib və təzə bir şəkil almasının ilk tərəfdarı Mirzə Fətəli Axundzadədir. Mirzə, bu yola qədəm qoymasının səbəbini öz tərcümeyi-halında belə yazır: “Çun tafeyi-islamın miləli-müttəhidinə, dalda qalmasına səbəb əvvəl dini-islam və İkinci, əlifbayi-ərəbdir, o səbəbdən bu əlifbanın təğyiri yolunda çalışmamı vacib bildim”. Mirzə, əslən, soldan sağa yazmağın tərəfdarıdır. Hətta belə bir əlifba da təklif edirdi. Bu əlifbanı “Dan ulduzu” məcmuəsinin 12-ci nömrəsini oxuyanlar görmüşlər. Mirzə, İran Vəzarəti ülumuna göndərdiyi ərzi-halda belə yazır: “Bilmək lazımdır ki, hər gunə xətti sol tərəfdən sağ tərəfə çəkmək sağdan çəkməkdən asandır. Kağız üzərinə səttarə qoyub xətt çəkənlər bu keyfiyyətin dürüstlüyünü təsdiq edərlər. Bəs biz islam tayfası ki, xətti sağdan sola çəkirik, öz-özümüzü süubətə mübtəla edirik, amma nə etməli, taqsır bizdə deyil, atababamızdadır ki, sağdan sola yazmağı icad ediblər və biz bu gün bu rəsmin təğyirini öz qüvvəmizdə görmürük və bu cəhətdən ki, biz, sağdan sola yazırıq. Lazımdır ki, mürəkkəbimiz firənglərin mürəkkəbləri kimi cari və su kimi dolmasın, bəlkə çox qəliz və ipək sapa bulanmış olsun və həmçinin quş qanadından yapılmış qələmlə yazmağı bacarmırıq, naçarıq ki, qəmiş qələmlə yazaq. Həmçinin kürsüdə əyləşib masa üzərində yazmağı bacarmırıq, yerdə əyləşib, ikiqat olaraq dizimiz üstündə kitabət etməyə məcburuq. İkinci növ əyləşməyin birinci növ əyləşməyə nisbət məşəqqəti aşikardır. Əlavə, firənglər tək bir hərfi öz şəkli əslində yazsaq, hər dəfə qələmi kağızdan götürmək məcburiyyətində olacağıq və kağız hər iki və üç qat məsrəf olacaqdır. Görünür, ata-babalarımız bu əlifbanı icad edəndə iqtisad məsələsini nəzərə alıbdırlar. Əgər hərflərin şəkliəslilərini saxlamağı lazım bilsək, naçar gərək biz də firənglər kimi soldan sağa yazaq. O vaxt cəmi əşkalat rəf olar, amma dedik ki, bu növ təğyir ələz-zahir bizim qüvvəmizdə deyil, bəs gərək bir xətt icad edək ki, onun hər hərfinin ancaq bir şəkli olsun ki, çap işi də bir növ yüngülləşsin”. Burada Mirzə, təzə icad etdiyi əlifbanı göstərir. Bu əlifba, bir türk dili üçün olmayıb, ərəb və fars dilləri də nəzərə alınıb. O səbəbdən ərəb əlifbasının hamı hürufatı üçün, hətta sükun üçün də əlamət göstərilir. Vaxtın təqazasına görə təzə əlifbanın həyata keçməsinə osmanlı və İran hökumətlərinin savabdidləri olmasını yəqin edib. Mirzə 1863-cü sənədə Istanbula gedir və osmanlı hökumətinə əlifbasını ərzi hali ilə bahəm təqdim edir. “Cəmiyyəti-elmiyyəyi-osmaniyyə” neçə gün bu əlifbanın tədqiqinə məşğul olub, hüsni-rəğbət də göstərir və axırda “bunun vaxtı hala yetişməmiş” deyib, əlifbanı rədd etdilər. Bu yerdə Istanbulda müqim Iran vəziri-müxtari Hüseynəli xan bir çox çirkin rol oynamışdır. Bu adamın sabiq Tiflis general-konsulu olduğu zaman Mirzə ilə şəxsi bir ədavəti var imiş. Mirzə Istanbula varid olduqda, Hüseynəli xan onu öz evinə aparıb, köhnə ədavəti unutmuş adam kimi neçə gün Mirzəni evində müsafir saxlayır və ona bir tərəfdən izzət-ehtiram göstərir, o biri tərəfdən osmanlı hökuməti dairələrində Mirzənin əlifbasının məqbulu əleyhinə var qüvvəsi ilə çalışır və əlifbanın həm osmanlıda, həm İranda məqbul olmamasına səbəb həmin bu şəxs olur. İndi Mirzənin vəfatından əlli il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa bir nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini, yetirmək istədiyi və yolunda üqubətlər çəkdiyi ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat yatardı. * * * Maksim Qorkinin həyat və yaradıcılığı Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir. Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı. 1888-ci ildə Qorki inqilabçı və xalqçı Romasla aşna olub, onun təbliğat niyyəti ilə açdığı baqqal dükanında işləməyə başlayır. Romasla yaxınlaşması Qorkinin ruhunu və gələcəyə ümidlərini günü-gündən möhkəmləndirdi. 1889-cu ildə Nijni-Novqorodda Qorki inqilab sahəsində işlədiyindən dolayı birinci dəfə olaraq həbsə alındı. İki il həbsdə qalıb azad edildikdən sonra Nijni-Novqorodu buraxıb, piyadəcə olaraq Volqa boyu ilə gəlib Saritsinə çatdı. Sonra Don əyalətindən, Ukraynadan, Bessarabiyadan keçib Xerson quberniyasına gəldi və haman ilin payızında Krımdan Qafqaza addayıb Tiflisə keçir. Burada məşhur inqilabçılardan Kolojni və sairləri ilə tanış olub sıxı olaraq işçi hərəkatına yanaşır, 1892-ci ildə sentyabr ayının 12-də “Qafqaz” qəzetində Qorkinin “Makar Çudra” adlı birinci hekayəsi çap olunur. Payızın axırlarında Nijni-Novqoroda gedib orada advokat Laninin yanında işləməyə başlayır. Qorki, Laninin yanına gəldikdən qabaq çəkdiyi əzab və işgəncələri belə nağıl edir; əllərim qalınca iri şalbanlar mişarlamaqdan, çiynimdə çətinliklə nəfəs alaraq dörd-beş pud vəznində yük daşımaqdan, gələcəyimə bilmərrə naümid olduğumdan qəsdi-can etdim. Ancaq həyat qalib gəldi, hamballıq vəzifəsini soyuq kvas satmaq vəzifəsinə dəyişməyə müvəffəq olmağım bir qədər məni diriltdi. Axırda bəxtim məni advokat Laninə çatdırdı. Mənim gələcəyimə və tamam ruhumda onun böyük təsiri oldu. Laninin yanında işləyən Qorki məşhur rus ədibi Korolenko ilə tanış olur və bu vaxtdan Maksim Qorki ədəbiyyat yoluna möhkəm qədəm qoyur. “Voljski vestnik” adında Kazan qəzetində və “Volqa” adında Nijni-Novqorod qəzetində onun “Sığırçın” və “Arxip baba və Lyonka” adlı hekayələri çap olunur. 1893-cü ilin may ayından Qorki “Samara” qəzetində daimi felyetonçuluq vəzifəsini qəbul edir. Bu illərin hamısında Maksim Qorki inqilabçılarla sıxı əlaqədə olub, mümkün etdiyi mənəvi və maddi müavinəti müzayiqə etmirdi. Varlı və hürriyyətpərvər ziyalılarla əlaqədar olduğundan, inqilabçılara para toplamağa da müvəffəq olurdu. 1901-ci ildə Qorki Peterburqa gəlir. Haman ildə “Jizn” məcmuəsində onun “Fırtına elçisi – Burevestnik” adlı əsəri çap olunur. Burada Qorki yavuqlaşmaqda olan inqilabın xəbərini verir. Peterburqda Qorki sosialdemokratlarla yavuqlaşır. Aprel ayında Nijni-Novqoroda gəlib, Sormov işçiləri arasında intibah vərəqləri buraxmaqda müttəhim olaraq həbsə alınır və may ayında ciyər xəstəliyinin şiddət etməsindən dolayı həbsdən çıxarılıb Arzamasa göndərilir. Bu vaxtlarla Maksim Qorki Rusiyada möhkəm bir ad qazanmış ədib idi və onun həbsdən azad edilməsinə səbəb Lev Tolstoyun daxiliyyə vəziri Svyatopolk – Mirskinin yanında vəsatəti olmuşdu. Arzamasda Qorkinin mərəzi daha şiddət etdiyinə görə hökumət onun Krıma getməsinə icazə verdi. Burada dəfəatla Tolstoyla görüşüb, onunla müsahibətdə bulunurdu. 1902-ci ildə fevral ayının 25-də Maksim Qorki Rusiya fənni Akademiyasına fəxri üzv intixab olunur, fəqət çar hökumətinin tələbinə görə bir az vaxtdan sonra üzvlükdən kənar edilir. Akademiyanın Qorki haqqında belə rəftarı ziyalılar arasında böyük həyəcana səbəb oldu. Bununla əlaqədar olaraq Çexov və Korolenko akademiya üzvlüyündən istefa verdilər. 1905-ci ilin yanvar ayının səkkizinci günü idi. Peterburq işçiləri məşhur provakator keşiş Qaponun sözlərinə inanıb, o birisi günü padşaha öz hüquqları xüsusunda ərzi-hal vermək üçün Qış sarayına getməyə hazırlaşırdılar. Maksim Qorki işçilərin məqsədlərinə qail olmaq əvəzinə yüzlərcə silahsız, günahsız işçi kişilərin, qadınların, məsum çocuqların çar qoşunlarının qurşunu ilə qırılmalarının və atların ayaqları altında tapdalanmalarını yəqin edib, mühərrirlərdən bir heyət tərtib edib, vəzirlər şurası sədri Vittenin və daxiliyyə vəziri Svyatopolk-Mirskinin yanına gedib onlardan bu bəlanın rəfi üçün bir tədbir çəkməyi xahiş etdi. Fəqət heyrət məqsədinə nail olmadı. 9 yanvarda Peterburqun meydanları və küçələri padşah qapısına gedən işçilərin leşləri ilə doldu... Bu hadisə haqqında Maksim Qorkinin “Məlumat” sərlövhəli əsəri məşhurdur. Qorki haman ildə inqilabi çıxışlarından dolayı tutulub, Petropavlov qalasına salındı. Qalada həbs olarkən “Günəş çocuqları” adlı əsərini yazdı və haman 1905-ci ildə bu pyes Leninqrad və Moskva səhnələrində oynanıldı. İki aydan artıq qalada oturduqdan sonra Qorki azad edildi. 1906-cı ilin əvvəllərində Avropaya və oradan Amerikaya getdi. Orada çar hökumətinin əleyhinə və həmçinin Fransa hökumətinin çar hökumətinə borc pul verməyi qərara almasının əleyhinə neçə çıxışlar etdi. Qorki o vaxt “Gözəl Fransa” sərlövhəli həcvində Fransaya müraciətlə deyir: “Böyük Fransa! Sən bir vaxt cəmi dünyanın mədəni pişivası idin; İndi sən öz qəbahətini düşünürsənmi? Sənin satqın əlin böyük bir məmləkətin hürriyyət yolunda sədd çəkdi. Əgər bu sədd bir günlük də olsa, sənin cinayətinin qədəri azalmaz. Amma sən hürriyyət yolundakı hərəkəti bir günlüyə dayandırmayıbsan. Sənin qızılın Rusiya xalqının təzədən qanının tökülməsinə səbəb olacaq. Qoy bu qan sənin həyasız və mənhus sifətinə həmişəlik bir xəcalət qızartısı olsun”. Amerikada olduğu zaman Maksim Qorki “Ana” adlı məşhur böyük hekayəni yazdı. 1906-cı ildə Italiyaya – Kapriyə gəlib orada sakin oldu. Burada Qorkinin Cenevrədə yaşamaqda olan Leninlə məktublaşması başlanır. Leninlə Qorkinin sıxı surətdə yavuqlaşmaları 1907-ci sənədə Londonda vaqe Rusiya sosial-demokratlar qurultayında oldu. 1908-ci sənədə Qorki Kapridə rus işçilərindən təbliğatçılar yaratmaq üçün xüsusi bir məktəb açır. 1911-ci sənədən başlamış bolşevik orqanları “Zvezda” və “Prosveşşeniya”da işləyir. İtaliyada Qorki “Çocuqluq” adlı hekayəsini qurtarır və 1913-cü ildə Romanov xanədanının 300 illiyi münasibətilə sadir olan əffi-ümumidən istifadə edərək Rusiyaya gəlir. Oktyabr inqilabında Qorki bolşeviklərlə birlikdə işləməkdən geri çəkildi. Lenin haqqında xatiratında belə yazır: “Mən xalq kütləsinin fərasətinə inanmırdım. Mənim əqidəmcə üsyan etmiş kütlə əziz tutduğum mədəniyyət xəzinəsini dağıdardı”. İnqilabın axır illəri Qorkini kütlənin yaradıcılıq qabiliyyətinə inandırdı. Oktyabrın on illiyi münasibətilə yazdığı “Mənim salamım” sərlövhəli məqaləsində deyir: “Mənə belə gəlir ki, Şuralar İttifaqında insanlar zəhmətin məmləkət üçün əhəmiyyətini və onun hürriyyət və mədəniyyətə ən yaxın və ən möhkəm bir yol olmasını düşünüb işləməyə başlayırlar”. Sonra Rusiya işçisinə müraciətən deyir: “Yoldaş! Bil və inan ki, dünyada ən lazım bir vücudsan. Öz xırdaca işini görərək, sən həqiqətdə təzə bir dünya yaradırsan”. 1922-ci ildə ciyər xəstəliyi şiddət etdiyindən dübarə Avropaya getməyə məcbur oldu. Hal-hazırda Italiyada olurkən vətəni ilə əlaqəni kəsmir, Şuralar İttifaqının yüzlərcə ədibləri ilə, kəndli və işçiləri ilə əlaqədədir. Şuralar İttifaqında çıxan qəzet və məcmuələrdə iştirak edir və şura həyatı ilə maraqlanmaqdadır. Axır illərdə onun bir neçə bədii əsərləri meydana çıxıbdır: “Mənim darülfünunlarım”, “Artamonovların işi”, “Klim Samginin həyatı”, xırda hekayələri, Leninin, Tolstoyun və Krasinin bədii səciyyələri. Hali-hazırda Qorki Oktyabr inqilabı və Şuralar Ittifaqının axırıncı illəri xüsusunda bir kitab yazmağa hazırlaşır. * * * Qorkinin babası həmişə ona deyirdi: “insanlar bir-birləri üçün yırtıcı canavardılar” və Qorkini əhatə edən həyat bu sadə və acı əsas üzərində qurulmuşdu. Qorki özünün tərcümeyi-halına dair hekayələrində yazır: “Həyat mənim gözümün önündə bir intəhasız ədavət və qəddarlıq zənciri kimi açılırdı, o bir tükənməz və müləvvəs puç şeylərə malik olmaq yolunda mübarizədən ibarət idi”. Bu onun çocuqluğunda və cavanlığından aldığı təsir idi və bu təəssürat onun ürəyinin ən dərinliyində məkan tutub və yaradıcılıq yolunda onu həmişə təqib edərək, bir an rahat qoymurdu. Qorki bütün yaradıcılığın həyatın heyvani quruluşu ilə mübarizəyə, təzə həyat bünövrəsi və nifrət etdiyi zülmkar və hərislərə bənzəməyən yeni adamlar aramağa həsr etmişdir. Qorki nifrət etdiyi dairəyə “Okurovluq” adı verirdi. “Okurov” bir şəhərin adıdır ki, Qorki onun İki böyük əsəri olan “Okurov qəsəbəsi” və “Matvey Kojemyakin”də təsvir edibdir. Okurov dairəsi təfsilən Qorkinin tərcümeyi-halında təsvir etdiyi və içərisində yaşadığı dairədir. Balaca Matvey Kojemyakəni atası yaşayış haqqında deyir: heç kəsin heç kəsə dünyada rəhmi gəlmir, ətraf tamam heyvanlardan ibarətdir. Okurovlardan birisi Okurov ənənəsini gözəl xarakterizə edir: “Adamın boynunun ardına şillə vurmaq hamı üçün böyük bir ləzzətdir”. Okurovluq əsası Qorkinin əsərlərinin hamısında, cavanlıq yazılarından başlamış axırkı əsərlərinədək hər yerdə aydın görünməkdədir. Qorkinin əsərlərində İki əsas qiyafələr bir-birinə müqabildilər: bir tərəfdə Okurov həqiqətini daşıyan, onun əsası ilə canlanmış və onun heyvanlıq ruhunu təsdiq edən; o biri tərəfdə o ruhu mən edib, həyatı Okurovluğa bərəks əsas üzərində qurub, bu əsasın qabiliyyəti yolunda mübarizə edənlər. Aşağıdakı sətirləri göstərək: Bu roman Okurov həqiqəti daşıyan tacir Malkin parlaq rənglərlə təsvir olunmuş bir qiyafədir. O, belə bir həqiqət söyləyir: “İnsana yavuq getdikdə bir əlində bal, o birisində bıçaq gərək olsun”. ya bu sözləri deyir: “Qardaşım, həyatın quruluşu çox sadədir: ya hamını çeynəməlisən, ya palçıq içində uzanmalısan”. Tacir Malkinin müqabilində Foma Qordeyev çıxır. Bir ziyafətdə Malkinin sifətinə bu sözləri çırpır: “Alçaqlar, siz nə yaradırsınız? Sizin yaratdığınız həyat deyil, məhbəsdir”. İki əsasın bu növ toqquşmasını biz onun “Çocuqluq”, “Matvey Kojemyakin”, “Tövbə”, “Çelkaş” və sair əsərlərində görürük. Özünün 1927-ci ildə təb etdiyi məqalələrində Qorki İki müddəi xüsusunda maraqlı bir nağıl yazır. Nağıl belə başlanır: “İki müddəi olan yerdə qəhrəman olar”... Nağılı belə qurtarır: “Mənim düşmənim olmasaydı, həyatım puç və ürək sıxıntısı gətirən olardı”. Bu nağılda Qorki öz yaradıcılığının əsas xüsusiyyətini meydana çıxarır. Nağılın məzmunu Qorkinin nifrət etdiyi kapitalistlik Okurovluğu ilə mübarizədən ibarətdir. Onun birinci və ayaqyalınlar (basyak) həyatından yazdığı hekayələrinə baxanda orada adi və biqeyd yaşayış üzərinə ciddi mübarizə elanı müşahidə edirik. Qorki ilk vaxtlarda yazdığı hekayələrində özünün qəvi olan yaradıcı xəyalatının gücü ilə “Okurov” insancıqlarına müqabil duran qüvvətli, bimənzur və azadə bir insane yaradırdı. Qorkinin başqa cavanlıq əsərləri də bu əsas üzrə yazılmışdır. Qorkinin ayaqyalınları onun həmişəlik düşmənlərinə ağır bir zərbədir. Qorki təzə həqiqət axtararaq, sosializmə rast gəldikdə və sosialistləri dünyanın ən yaxşı adamları saydıqda, onun həmişəlik düşmənləri gəlib gözümün önündə dayanırdılar. “Ana” hekayəsində sosialist Pavel Vlasov deyir: “Görün insanlar bir-birlərinin müqabilində necə qoyulublar: “Ürəyindən də keçmir – amma vurursan”. Yenə həmin hekayədə o biri sosialist Naxodka deyir: “Hər şəxs qonşusunun vuracağından ehtiyat edib qabaqca özü qonşusunun qulağının dibinə bir yumruq çalır”. Qorkinin nəzərində sosializm həqiqəti böyük həqiqətdir. Bu həqiqət mehribanlıqla hamının öz tərəfinə çağırıb dünyanın üç bəlası olan hirsdən, şərdən və yalandan xilas edəcəyini xəbər verir. Qorkinin həyatın hal-hazırdakı quruluşuna etirazı onu həmişə ayaqyalınlar və sosialistlər tərəfinə çəkir. Bunların hər İkisi hirsin, ədavətin və yalanı düşmənləridirlər. Çox maraqlı burasıdır ki, Qorki Şuralar ittifaqının böyük rəhbərlərin, məsələn, Lenin təsvir edəndə, onların özünün bədii əsərlərinin qəhrəmanlarına bənzədir. Qorki bu adamları sevir və bu məhəbbət onun xəyalatının yaratdığı şəxslərə olan məhəbbətdir. Məsələn, Lenində Qorkini həvəsə gətirən sifət onun həyatda vaqe xəbasətə nifrətidir. Qorki Leninə “Yalanın və dünya qəmlərinin ovçusu” adı qoyur. Lenin, adi həyata zərbə vurub dağıtdığından Qorkiyə əzizdir. Qorki yazır: “Əhalinin əksərini ağlamağı və qışqırmağı budur: bizi rahət qoyub və adət etdiyimiz yaşayışla yaşamağımıza mane olmayın”. Lenin xalqın adət etdiyi həyatına belə bir növlə məmaniət göstərdi ki, o məmaniəti ondan qabaq bir kəs göstərməyə qadir olmamışdı. Kapitalizm sayəsində əxlaqı pozulmuş cəmiyyətə, dünyanın əsarətdə saxlayan hirsə, tamaha, ədavətə və yalana nifrət! Budur Qorkinin yaradıcılığının əsası və bu əsas onun otuz beş illik ədəbi yolunun hamı nöqtələrini bir yerə cəm edir. Öz yaradıcılığının əsas məqsədi haqqında Qorki belə deyir: “Vəhşi rus həyatının qurşun tək ağır olan murdarlığını yada gətirdikdə bəzi vaxt özüm-özümdən xəbər alıram: “Bu barədə danışmağın lüzumu varmı?” və sonra möhkəm bir etiqadla özümə cavab verirəm: “Bəli, var”. Çünki bu diri və murdar həqiqət İndiyə kimi ölməmişdir; bu həqiqəti öyrənməli və sonra onu kökündən dartıb insanın ruhundan və bizim ağır həyatımızdan qopartmalıdır. * * * Maksim Qorkinin bədii yaradıcılığını üç dövrə təqsim etmək olar: Birinci dövr – 1892-ci ildə Tiflis qəzeti “Qafqazda” onun ilk hekayəsi “Makar Çudra” çıxandan 1905-ci ilə kimi. İkinci dövr – 1905- ci ildən 1917- ci ilə kimi. Üçüncü dövr – 1917-ci ildən bu günə kimi. Bu dövrlərin bir-birindən təfavütü nədir? I Qorkinin birinci dövrdə yaradıcılığı haqqında yazılan tənqid və təhlillər hamısı bir dillə və bir-birinə oxşardır. Bunun da səbəbi Qorkinin əsərlərində keçirdiyi zəmanənin, xüsusən birinci Rusiya inqilabından qabaqkı illərin vəziyyəti aynada görünən kimi aydın görünürdü. Qorki bu əsərlərində öz zəmanəsinin xalis oğlu idi. Bir neçə faktlar Qorkinin o zamanın carçısı olmasına dəlildir. Onun yazıçılıq şöhrəti birdən-birə başladı. Təəccüb də burasıdır ki, bu şöhrətə səbəb tənqid yox, oxucular oldular. 1898-ci ilin yanvar ayının 7-də “Novoye slovo” idarəsinin üzvü Kalmıkov Qorkiyə yazır: “İndi əsərlərinizi məcmuə tərzində buraxmağınızın vaxtıdır. Sizinlə maraqlanırlar. Oxucular əsərlərinizi qəzetlərdə və məcmuələrdə axtarırlar. Yazıçı yoldaşlar isə haqqınızda ehtiyatla danışırlar, oxuculara kitab və sizə para lazımdır. Vaxtdır”. “Yazıçıların” Qorki haqqında nə mərtəbədə ehtiyatla danışdıqları o vaxtın münəqqidi Vengerovun sözlərindən görünür: “Bişəkk Qorki qabil və istedadlı bir vücuddur. Ancaq gələcəkdə ondan bir dahi yazıçı çıxmaz”. İki ildən sonra Vengerov bu sözləri yazmağa məcbur oldu: “Rusiyada kitab ticarətinin binasından İndiyə qədər bir əsərin on min cildlə satılması birinci dəfədir. Beləliklə, bu satış axırda yüz minə çıxacaqdır”. Bu vaxtdan Maksim Qorki nəinki Rusiyada, cəmi dünyada şöhrət qazanır. Buna səbəb nə idi? Əlbəttə, onda olan bir tək bədii dahilik deyildi. 1894-cü ildə sənayedə bir böyük genişlənmə vaqe oldu. Bu genişlənmə işçilər arasında ciddi bir hərəkat yaradıb, Rusiyanın hamı siniflərini həyəcana saldı. Ümumi hərəkatın və çarizmlə qəti bir mübarizənin vaxtı yetişdi. Bu vaxtda Qorki özünün təzyiq qarşısında etiraz edən qəhrəmanları ilə ortaya atıldı. Onun “basyakları”, sabit “adamları” rəzalətlə yaşayaraq, həyatın laqeydlik dəryasına qərq olanlara diri və ayıq bir həyat sürməyi təklif etdilər. Bu qəhrəmanlar proletariat nümayəndələri deyildilərsə də, Qorkinin müvəffəqiyyət və şöhrətinə ikinci səbəb oldular. Üçüncü səbəb məktəb görməmək, Qorkinin səfil həyatın ən dərinliyindən birdən-birə fövqəladə parlaması idi. Dördüncü səbəb, böyük orijinal, cürətli, bədii və ictimai ruhu ilə ruhlanmış bir dahilik. Bu sifətlər Qorkiyə qarşı xüsusi bir maraq törətdi. Qorkinin ədəbi fəaliyyəti ictimai çıxışları ilə bərabər gedirdi. Məsələn, 1901-ci sənədə, martın 4-də Peterburqda Qazan kilsəsinin qabağında tələbələr nümayişi və tələbələrin qazaqlar tərəfindən döyülmələri vaqe olur. Qorki bu vaqedən artıq dərəcədə həyəcana gəlib, ədiblər ittifaqının protestosunu imza etdi. Eyni zamanda “Jizn” məcmuəsində mart hadisəsinin təsiri altında yazılmış “Fırtına elçisi” çap olunur. Bu əsəri, həmçinin “Tərlan nəğməsi”ni bütün inqilabi Rusiya əzbərlədi. Çox vaxt, xüsusən əyalətlərdə onun “Meşşanlar” adlı əsərinin səhnələrdə oynanılması nümayişlərə səbəb olurdu. Əsərin qəhrəmanlarından birisi olan işçi Nil deyəndə ki, “hakimiyyət haqqı ancaq işçinİndir”, uca alqışlar səsi teatrı doldururdu. 1905-ci sənənin baharında Qorki Petropavlov qalasında dustaq olan vaxt “Novosti” qəzetində xarici məmləkətlər ədiblərinin Rusiya daxiliyyə vəzirinə protestləri dərc olunmuşdu. Bu protestdə ədiblər bir dillə deyirdilər: “Cəmi məmləkətlər bir səslə qışqırırlar: “Maksim Qorkiyə azadəlik! Onu öz işləməyinə, vətəninə və cəmi dünyaya qaytarınız! Bu xahiş bütün insaniyyətin xahişidir”. Fransa sosialist qəzeti “Humanite”, Almaniya burjuaziya qəzeti “Berliner takeblat” və sair Avropa qəzetlərində Avropanın məşhur fəalları tərəfindən protestlər çap olunmaqda idi. O anda Maksim Qorkinin təəllüğü tamam dünyaya idi. II Qorki fəaliyyətinin İkinci dövrü birincisindən təfavütlüdür. Bu da aydındır. 1905-ci il inqilabı, Leninin təbirilə “Rusiya işçilərinin məşqiümumisi” əzildi. İşçi hərəkatı zirzəmilərdə gizlənməyə məcbur oldu. Və bir müvəqqəti sakitlik əmələ gəldi. Bu vaxtda Qorki “Ana” adlı böyük romanını yazır. Romanın əsası Sormov işçilərinin həyatı, Nijni-Novqorod sosialdemokrat təşkilatının 1901-ci sənədə fəaliyyəti, 1902-ci sənənin 1 May nümayişi, dalınca işçi Zalomovun və yoldaşlarının mühakiməsi idi. Bu romanda mərkəzi mövqe tutan – işçi Pavel Vlasov və onun anası Pelageya Nilovnadır. Romanın bədii qiyməti şəksizdir və bu vaxta kimi işçi sinfinin maraq və həvəslə oxuduğu bir kitabdır. Bu roman marksizm nöqteyi-nəzərindən, bir para qüsurlarına baxmayaraq nəinki burada, hətta başqa ölkələrdə də böyük müvəffəqiyyət qazandı. Bu vaxtlarda yazılmış “Düşmənlər” adlı pyesini də göstərməliyik. Bu əsərdə Qorki zəhmətlə kapital arasında sinfi mübarizəni təsvir edir. Bu dövrdə Maksim Qorki bir neçə böyük əsər meydana atdı: “Okurov qəsəbəsi”, “Matvey Kojemyakin” və “Tövbə”. Bu əsərlərin İkisində qazaqların qaranlıq və naümid həyatını təsvir edir. Üçüncü əsərində o vaxtın ziyalıları arasında mütədavil olan “Allah axtarmaq” məsələsindən bəhs edir. Bu kitaba marksizm tənqidi, mənfi bir nəzərlə baxdı və Plexanov bu əsərin çıxmasından istifadə edərək, Allah axtaranlara möhkəm bir məzəmmət yazdı. Gördüyümüz kim, Rusiyada 1905-ci ildən sonra şiddətlənən irtica Maksim Qorkinin bədii yaradıcılığının bir qədər soyumasına səbəb oldu. Bununla belə, Qorki öz inqilabçılığında və bolşevikliyində baqi qaldı və necə ki, yuxarıda söylədik, Italiyada, Rusiyaya mübaliqlər yaratmaq üçün xüsusi marksizm məktəbi açdı. Valonov həbsini, hətta ölümü belə gözünün qabağına alaraq çox çətinliklə Rusiyadan 20 nəfər işçi nümayəndəsini çıxardıb, o məktəbə apardı. Məktəbdə Qorkidən əlavə Lunaçarski, Lyadov və sairləri dərs verirdilər. Qorkinin yaradıcılığının ikinci dövrünü belə xarakterizə etmək olar: irtica uzandıqca, onun bədii əsərlərində inqilabi məzmunlar azalır. İctimai fəaliyyəti aktiv və inqilabilikdə baqi qalırdı. Bu da cahangirlik müharibəsində aydın göründü. Bu vaxt Maksim Qorki “Letopis” namında bir beynəlmiləl məcmuə verməyə başladı. Bu məcmuə tamam irticaçı burjuaziyanın ədavətini onun üzərinə gücləndirdi. III Qorkinin üçüncü dövr fəaliyyəti haqqında danışıq bambaşqadır. İki əvvəlinci dövr Rusiya həyatının tarixi nöqtələrini göstərirsə, onun axırıncı on illik fəaliyyətində bunu görmürük. Oktyabr inqilabı xüsusunda onun bir gözə çarpan mükəmməl əsəri yoxdur. Bununla belə, çarizm zamanının qaranlıq həqiqətini təsvir edən, böyük məharətlə yazılmış beş kitab buraxıldı. Bu kitablar bunlardır: “Mənim darülfünunlarım”, 1922-24-cü illərdə yazılmış xırda hekayələr, “Artamonovların işi”, “Xatirat” və “Klim Samginin həyatı”. Maksim Qorki bizim hal-hazırda keçirdiyimiz həyatı öz bədii əsərlərində təsvir etməyibsə də, demək olmaz ki, o, Şuralar İttifaqının həyatı ilə maraqlanmayıb, ondan geri çəkilir. Biləks Şuralar ölkəsinin həyatı və inkişafı onun diqqətini günü-gündən artıq cəlb etməsinə dəlil çoxdur. Hər gün qəzetlərdə Qorkinin komsomollar, Qızıl Ordu, işçi müxbirləri və camaat fəalları ilə məktublaşması yazılır. Bu yaxın zamanda “Put rabselkora” məcmuəsində onun işçi müxbiri Sopelova yazdığı məktubu dərc olunmuşdu. Sopelov Qorkidən xəbər alır: “Nədən çox yazmalıdır? – yaxşılıqdan ya pislikdən?” Qorki yaxşılıqdan yazmağı pislikdən yazmaqdan yaxşı görüb deyir: “Biz pisliklərimizi çox yaxşı göstəririk və özümüzü də birəhmanə tənqid edirik”. Qorki Şuralar Ittifaqına gəlir. Milyonlarla gözlər onun yolundadır. Milyonlarla ağızlardan “xoş gəlibsən” sədası ucalacaq və böyük ədib hörmətlərlə qarşılanacaqdır. * * * Azərbaycanda teatr Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər. Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi. Musanı sehrbaz hesab edən Misir fironu öz məmləkətində yaşayan bütün sehrbazları çağırtdırıb əmr edir ki, Musanın möcüzələrinə inanan və onun ardınca gedən camaatın gözünü açmaq üçün onlar Musanın əsasına bənzər bir şey qayırsınlar. Sehrbazlar doğrudan da taxtadan əjdahalar qayırır, onları nə ilə isə yağlayır və taxta əjdahalar yeriməyə başlayır. Bu zaman Musa öz əsasını ortaya atır, əsa əjdahaya çevrilərək bütün taxta əjdahaları udur. Sonra Musa əjdahanın quyruğunu dartır, o dərhal adi əsaya çevrilir; lakin taxta əjdahalar artıq yox olur. Bu maraqlı lətifə aydın göstərir ki, qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. İsanın anadan olmağından beş əsr əvvəl Yunanıstanda Aristofanın nümunəvi bir teatrı olduğu məlumdur. Hİndistanda isə Yunanıstandan da əvvəl teatr varmış. Belə bir rəvayət vardır ki, yunanlar teatrı hindlilərdən götürmüşlər. Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir şeydir; hind sehrbazları bunu xüsusilə bacarırmışlar və indi də bacarırlar. İranda küçə sehrbazları hələ də çoxdur. Azərbaycanda teatrdan və ümumiyyətlə, tamaşalardan bəhs edərkən bu barədə danışmamaq olmaz, çünki Azərbaycan, demək olar ki, XIX əsrin axırınadək İran mədəniyyətinin təsiri altında olmuşdur. Irandan gələn hər cür sehrbazlar, yalançı pəhləvanlar, şəbihgərdanlar, mütrüblər, dərvişlər, rövzəxanlar Azərbaycanda isti yuva tapır və özlərini əziz qonaq hiss edirdilər. XX əsrin əvvəllərindən başlayaraq İran sehrbazlarının Azərbaycandan ayağı kəsildi; lakin İndiyədək Iranın şəhər və kənd meydanlarında onlar oyun çıxararaq tamaşaçıları öz sənətlərinə heyran qoyurlar. Hər bir oyun üçün onların məzəli sözləri vardır. Hər bir sehrbazın şagirdi olur; Avropa sehrbazlarından fərqli olaraq bu şagird oyunda iştirak etmir; onun vəzifəsi isə oyun zamanı dəf vurmaqdan və “dəm” tutmaqdan ibarətdir. Bəzən sehrbazlar meydanlarda teatra oxşayan tamaşalar göstərirlər. İranda (bir zaman isə bizim Azərbaycanda da) belə tamaşalardan sayılan “Şəbih oyunu” çox məşhur idi. Tamaşada iştirak edənlər tənbəl Şəbih və onun atasından ibarət idi. Şəbih işləmək istəmir, atası onun danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib zəhmətə qurşansın. Şəbih isə evdə oturmaq üçün min cür bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur. Bu tamaşa çox qısadır, cəmisi 10-15 dəqiqə çəkir. Nəsihət etməkdən cana gələn ata oğlunu küçə sözləri ilə söyərək döyməyə başlayır; Şəbih bağıra-bağıra yıxılaraq bir çox ədəbsiz hərəkətlər edir. Camaat heyran qalır, tamaşa qurtarır. Xalq tamaşalarının başqa növlərindən birisi də “Şah Səlim” oyunudur. Bu tamaşa kukla teatrı ilə Petruşka arasında orta bir şeydir. Komediant pərdə dalında gizlənir, pərdənin dalından sap ilə idarə edilən kuklalar görünür. Kuklalar müxtəlif məişət səhnələri göstərirlər; pərdə arxasındakı komediant isə cürbəcür səslərlə onların əvəzinə danışır. Bu tamaşalar adətən, dövlətli evlərinə dəvət edilən tamaşaçılara göstərilirdi. “Şah Səlim” oyunu keçən əsrin 90-cı illərinə qədər çox yayılmışdı. Şərqin tamaşaları içərisində kəndirbazlıq da mühüm yer tutur. Böyük meydanların birində İki-İki haçalanmış dörd ağac basdırılır; həmin ağaclar arasında yerdən 5-6 metr hündürdə tarım kəndir çəkirlər. Kəndirin uclarını yerə basdırırlar. Zurna çalıb adam yığırlar. Xeyli camaat toplaşdıqda kəndirbaz ortaya çıxır; bəd gözdən qorunmaq üçün o, boynuna cürbəcür duapitik asır. Müvazinət saxlamaq üçün əlində ləngər tutur. Kəndirbazın keçə papaq adlanan (sirklərdəki klounları xatırladırlar) köməkçisi vardır. Kəndirbaz kəndirin üstünə çıxıb oyun çıxarmağa başlayır. O kəndirin üstündə çox qorxulu hərəkətlər edir: tullanır, uzanır, oynayır, mis qabın içində oturaraq kəndirdə yeriyir, ayağına bir neçə iti xəncər bağlayıb kəndirin üstündə gəzinir və i. a. Bu zaman keçə papaq meydan sulayaraq öz ustasının hərəkətlərini gülməli bir şəkildə təqlid edir və bununla da bəd gözləri kəndirbazdan uzaqlaşdırır. Başına qoyduğu keçə papaq bütün üzünü də tutur; gözləri üçün papaqdan iki dəlik açır. Oyun zamanı keçə papaq bir çox şit zarafatlar edir, gülməli sözlər danışır. Tamaşaçılardan pulu da keçə papaq yığır. Azərbaycanda kəndirbazların çoxu ləzgilərdən olurdu. Sirk sənətinin inkişafı nəticəsində Azərbaycanda kəndirbazlıq aradan çıxır, İranda isə bu günə qədər hələ də davam edir. Müxtəlif tamaşa formaları içərisində mütrüb oyunlarını da qeyd etməlidir. Qadın paltarı geyinən uzun saçlı bu oğlanlar böyük bayramlarda, toylarda, bəzən də meydançalarda və ya çayxanalarda rəqs edirdilər. Onlar tək olmurdular, yanlarınca “antreprenyorlar” gəzdirdilər ki, mütrüblər onlara bir kölə kimi tabe idilər. “Antreprenyor” mütrübləri mənəvi və fizİki mənada pozğunluğa öyrədirdi; şəhərləri gəzdirərək eyni zamanda həm “tamaşa” düzəldir, həm də uşaqla alver edib onları istismar edirdilər. İranda indi də mütrüblük çox yayılmışdır. Azərbaycanda mütrüblük sovetləşməyə qədər davam edərək Bakı avaraları və harın dövlətlilər tərəfindən geniş istifadə edilirdi. Kapitalizmin aradan qaldırılması, təbii, mütrüblüyü də aradan qaldırmış oldu. Sovet hökuməti uşaqları istismarın bu çirkin və biabırçı formasına son qoydu. Meydanlarda və bazarlarda camaatın diqqətini dərvişlər də uzun müddət cəlb etmişlər. Onlar əvvəlcə yalnız Əli xəlifəni və onun nəvənəticələrini tərifləyirdilər; sonralar isə İmamların, padşahların, əfsanəvi qəhrəmanların və i.a. həyatından müxtəlif uydurmalar söyləyərək, öz peşələrinin hüdudlarını genişləndirmişdilər. Dərvişlik peşəsinin əsasını səfəvilər sülaləsindən olan İran padşahı II Abbas qoymuşdu. Bununla o, şiəliyi möhkəmləndirmək məqsədi izləyirdi. Hökumət tərəfindən müdafiə edilən dərvişlər ölkəni dolaşaraq Əli xəlifə və onun nəvə-nəticəsinin şərəfinə “Mədhiyyələr” oxuyurdular. Şah Abbas özü də hərdən dərviş paltarı geyinib camaat içinə çıxırdı. Səfəvilər sülaləsinin yıxılması, Nadir şahın hakimiyyət başına gəlməsi, sonra isə Qacar sülaləsinin təxti ələ alması ilə əlaqədar olaraq dərvişlik öz mövqeyini və əhəmiyyətini itirir və dərvişlər fəqir camaatın var-yoxuna daraşan tüfeylilərə çevrilirlər. İranda dərvişlər İndi də çoxdur. Azərbaycanda isə tamam aradan çıxmışlar. İranda şiəliyin möhkəmləndirilməsi üçün təbliğat məqsədi ilə istifadə edilən rövzəxanlıq da mühüm rol oynamışdır ki, bunun da əsası yenə səfəvilər tərəfindən qoyulmuşdur. Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya “yuq” deyərdilər. (Yuqlama – ağlamaq sözündəndir.) Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş “yuqçular” isə ikisimli “qobuz” çalıb oynayardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplananlar da hönkürhönkür ağlayardı. Bu ayin yunanların Dionis ayinini və ya Cava xalqlarının Budda üçün ağlamalarını xatırladır. 1221-ci ildə İran moğolların, çingizilərin ixtiyarına keçir; onlar XVI əsrə qədər İranda hökmranlıq edirlər. Ölü üçün ağlamaq adəti iranlılar arasında moğollar dövründə də davam edir. Moğollar getdikdən sonra onların İki əsrlik hökmranlığı zamanı çox zəifləmiş olan şiəliyi möhkəmlətmək üçün bu adətə başqa bir məzmun verilir; İndi artıq qəhrəmanlar üçün deyil, Fəratın sahillərində qeyri-bərabər bir mübarizədə həlak olan peyğəmbər övladları üçün ağlayırdılar. Yuqçuların yerini rövzəxanlar tutur, bütün məhərrəm ayında məscidlərdə və varlı şəxslərin evlərində bu günə qədər təziyə düzəldirlər ki, bu təziylərdə rövzəxan minbərə çıxaraq, əvvəlcə şəhidi, onun davada qəhrəmanlığını tərifləyir, sonra isə müsibətli ölümünü təsvir etməyə başlayır. Camaat ağlaşır, sinəsinə və təpəsinə döyür. Bu şəhidlərin xatirəsi şərəfinə məhərrəm ayının onuncu günündə “Şaxsey-vaxsey” mərasimi düzəldirlər; minlərlə adam şəhərin küçələrində gəzişir, çığırır, ağlayır və vəcdə gələrək başlarını yarmağa, zəncir vurmağa, daşla sinələrinə döyməyə başlayırlar. Rövzəxanlar Azərbaycanda hələlik tapılırsa da, “Şaxsey-vaxsey” Sovet hakimiyyəti qurulduqdan sonra aradan qaldırılmşdır. Fərat sahillərində baş verən faciə “Şəbeh” adlanan və İranda bu günə qədər göstərilməkdə olan misteriyalar üçün süjet təşkil etmişdir. Şəbehlər ya məscidlərdə, ya da şəhər meydanlarında çıxarılır. Şəbehlər xüsusən İranda çox təntənəli bir şəkildə təşkil olunur. Təziyə yerini bəzəmək üçün bütün qiymətli şeylər – qızıl, şal, xalı istifadə edilir. Bir çox şəhərlərin meydanlarında şəbeh çıxarmaq üçün daimi səhnələr düzəldirlər. Bu cür səhnələr Bakının ətraf kəndlərində də rast gəlmək olar. Şəbehlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış bir pərdəli pyeslərdən ibarətdir. Pyesdə iştirak edənlər İki cəbhəyə ayrılırlar. İmamla onun tərəfdarları və İmamın düşmənləri. Bütün iştirak edənlərin hamısı birlikdə meydana toplaşır, tamaşa yerini dolaşır və müqəddimə oxuyurlar. Bundan sonra “artistlər” – hər kəs öz yerində oturur: İmam və onun tərəfdarları meydanın bir guşəsində salınmış xalça üstündə əyləşirlər, “müxalif” adlanan düşmən tərəf isə təxt və kürsü üstündə otururlar. Tamaşa başlanır. Şəhidləri oynayanlar öz rollarını mümkün qədər qəmli səslə oxuyurlar. Düşmən tərəfin artistləri isə qəzəbli reçitativlə danışırlar. Xalq birincilərə qulaq asaraq hönkür-hönkür ağlayır, ikincilərə qulaq asdıqda isə onlara lənətlər yağdırır. Rejissor (gərdün yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Suflyor olmur, artistlər öz rollarını əzbər bilirlər, ya da dəftər üzündən oxuyurlar. Qadın rollarını İranda oğlanlar, Azərbaycanda isə bəzən sifətləri gözlərinədək bağlı olan kişilər ifa edirlər. Aktyorlar qrim etmirlər. Müxaliflərin dəmir dava paltarından başqa bütün artistlər adi müasir paltar geyinirlər. Qadın rolu oynayan kişilər arvad paltarı geyinmirlər, “əba” bürünür və başlarına arvad yaylığı bağlayırlar, əbanın altından şalvarının balağı görünür. Paltarlar və əşya bəzən çox əcaib olur. Məsələn, Yezidin uşaqları rezin şinli yaraşıqlı bir faytonda gəlirlər, firəng səfiri isə çar generalı paltarında, bəzən də əynində qara sürtuk, başında kavalerqard kaskası meydana daxil olur və s. Tamaşada iştirak edən “kütlə” həmişə bir nəfərdən ibarət olur. Məsələn, “Müslümün ölümü” pyesində bir nəfər bütün bir ordunu oynayır. Bu, Azərbaycanda misteriya tamaşalarının xeyli orijinal cəhətlərindən birisidir. Müəlliflər misteriyaların ssenarilərini düzəldərkən Yezidə və onun adamlarına fövqəladə bir nifrətlə yanaşırdılar. Şəhidlərə çoxlu mərhəmət və göz yaşı doğurmaq, Yezidin və müxaliflərin ünvanına isə daha çox lənət yağdırmaq arzusu, onları heç bir şeylə – nə nəzakətlə, nə psixologiya ilə, nə real vəziyyətlə, nə də hətta adi məntiqlə hesablaşmamağa məcbur edirdi. Bu cəhətdən “Mədinədən səfər” epizodu çox səciyyəvidir. Hüseyn Mədinədən yola düşərkən öz xəstə qızı Fatiməni Mədinədə qoyur, amma sonrakı arvadından olan xəstə oğlunu özü ilə aparır. Tərk edilmiş qız tənhalıqdan, heç bir zaman onun yanına gəlməyən qardaşı Əli Əkbərdən şikayət edir; Əli Əkbər isə ona görə bacısının yanına gəlmir ki, o, ögey anadan olmuşdur; nəhayət, qız atasından və bibisi Zeynəbdən şikayətlənir. Bu şikayət, əlbəttə, İmamı, onun oğlunu və bacısını pis xarakterizə edir. Lakin müəllif bunu hiss etmir, o bütün qohumları tərəfindən tərk edilən xəstə qıza qarşı tamaşaçıların qəlbində mərhəmət oyatmağa çalışır. İmam və ya onun ailə üzvləri Yezid və onun sərkərdələri ilə rastlaşdıqda onların üzərinə ağır söyüşlər yağdırırlar ki, bu söyüşlər Yezidə düşmən münasibət bəsləyən misteriya tamaşaçılarının hisslərinə müvafiq idi. Yezid və onun sərkərdələrinin İmam və onun ailəsi ilə rəftarı isə, əksinə, nəzakətli, ədəbli və hörmətli idi. Beləliklə, Yezid, və onun adamlarına qarşı nifrət oyatmağa çalışan müəllif, özü də hiss etmədən İmamı mənfi cəhətdən xarakterizə etmiş olurdu. Yezidin öz sərkərdələri ilə, sərkərdələrin də bir-biri ilə rəftarı çox maraqlıdır; hər cür nizam-intizamdan və mənsəbə hörmətdən uzaq olan bu rəftar bir yığın söyüşdən ibarət idi: böyük kiçiyi söyür, kiçik də ona söyüşlə cavab verir; hətta kölə də öz ağasını söyür. Bu deyişmədən sonra tərəflər elə dağılışırlar ki, guya bu vaxta qədər bir-biri ilə dostcasına və mehribancasına söhbət edirmişlər. Bütün bunlar çox qeyri-təbii olsa da, müəllifin vecinə gəlmir. İmamın düşmənləri paylarını layiqincə aldılar – müəllifin də məqsədi elə bu idi. Misteriyalar aşağıdakı epizodlardan ibarət olurdu: 1) “Peyğəmbərin qətli”, 2) “Əlinin qətli”, 3) “Müslümün Kufədə qətli”, 4) “Müslümün oğlanlarının qətli”, 5) “Mədinədən səfər”, 6) “Fərat sahilində Hürlə görüş”, 7) “Hürrün peşmançılığı və ölümü”, 8) “Kərbəla davası”, 9) “Şamda Səkinənin ölümü”, 10) “Firəng səfirinin səhnəsi”, 11) “Əsirlərin xilas edilməsi”, 12) “Əsirlərin Kərbəlaya varid olması və qəbirləri ziyarət”, 13) “Mədinəyə varid” və i.a. İranda indi də şəbeh çıxarmaq dəbdədir və bu, böyük təmtəraqla keçirilir. Azərbaycanda şəbeh axırıncı dəfə Bakıda 1920-ci ildə göstərildi. Sözün müasir mənasında Azərbaycan teatrının tarixi çox qısadır. Birinci Azərbaycan tamaşası 1873-cü ilin martında Bakıda oynanılmışdır. Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” komediyası göstərilmişdi. Tamaşada Bakı realni məktəbinin şagirdləri iştirak edirdi. Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının banisidir. Öz pyeslərinə yazdığı müqəddimədə o, deyir: “...knyaz Voronsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə 1226.-cı sənədə şəhriTiflisdə bir imarətialiyyə teatr ismi ilə bərpa edib...” Yerli dillərdə repertuar yaradılması üçün canişin tərəfindən üç komissiya düzəldilmişdi. Canişin idarəsində mütərcim vəzifəsində çalışan Mirzə Fətəli Axundov Azərbaycan komissiyasına rəhbərlik etməli idi, lakin o zaman o, rus və Avropa ədəbiyyatları ilə tanış olan yeganə azərbaycanlı olduğundan, özü bilavasitə pyes yazmaqla məşğul olmalı oldu. Mirzə Fətəli Axundovun Azərbaycan və İran həyatından aldığı altı pyes Azərbaycan teatrının ilk pyesləri idi. Knyaz Voronsovun Tiflisdə bütün Qafqazda ilk dəfə olaraq teatr yaratmaqdan məqsədi Zaqafqaziyada çarizmin möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi. Bu vəzifə Mirzə Fətəli Axundova izah edilmişdi, o da vicdanla bu vəzifəni yerinə yetirirdi. O zaman Zaqafqaziyada ən qüvvətli və nüfuzlu ictimai qrup ruhanilik idi. Knyaz Voronsov İki başlı bir oyun oynayırdı: bir tərəfdən o, Zaqafqaziya şeyxül-islamının simasında ruhaniliyə hər cür hörmət edirdi, digər tərəfdən isə Axundova, əhalinin gözündə ruhaniliyi nüfuzdan salmağı təklif edirdi. Mirzə Fətəli Axundov ruhanilik əleyhinə birinci hücumu “Kimyagər” komediyasında etdi. Bu pyesdə dağlara çəkilərək etikafa oturan fırıldaqçı bir molla göstərilir; həmin molla guya elə bir iksir sahibidir ki, mis və dəmiri xalis gümüşə çevirir. Molla onun möcüzələrinə inanaraq öz dövlətini gümüşə dəyişmək üçün gətirən sadəlövh, avam əhalini əsli olmayan gümüşlə aldadıb talayır. Çar hökumətinə və rus qanunlarına hörmət Axundovun bütün pyeslərində bu və ya digər şəkildə təbliğ edilir. Bəzi pyeslərdə (”Hacı Qara” və “Xırsquldurbasan”) o, bunu açıqdan-açığa edir, digərlərində isə (”Lənkəran xanının vəziri” və “Mürafiə vəkilləri”) İran məhkəməsinə gülərək, rus ədliyyəsini üstün tutur. Voronsovun tapşırıqlarını yerinə yetirərək Mirzə Fətəli Axundov rus burjua mədəniyyəti uğrunda qızğın çalışırdı. Mirzə Fətəli Axundovun, onun yolunu davam etdirənlər üçün nümunə olan pyesləri ona görə qiymətlidir ki, bu pyeslərdə son dərəcə gözəl tiplər və təmiz xalq dili vardır. 1850-1856-cı illər ərzində yazılan bu əsərlər ancaq 1873-cü ildə səhnə üzü gördü. İlk dəfə meydana çıxarkən bu pyeslər bomba partlayışı təsiri bağışladı. Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Pyesdən bir nüsxə almaq və onu yandırmaq savab iş hesab edilirdi. Şahidlər danışırlar ki, Gəncənin şəhər meydanında nəhəng bir tonqal qalanmışdı, burada Axundovun pyesləri təntənəli bir surətdə yandırılırdı. Axundov öz kafir elan edilmişdi. 1878-ci ildə Axundov vəfat etdikdə ruhanilər onun namazını qılmaqdan boyun qaçırır; bu isə o zamankı adamlar üçün ən böyük bir ləkə hesab olunurdu. Axundov meyiti üç gün yerdə qaldıqdan sonra canişin qazaqları gəlib onu qəbiristanlığa aparırlar. Ruhanilik Mirzə Fətəli Axundovun pyeslərini bu cür qarşılayırdı. Bakıda 1873-cü il tamaşasına gələnlər yalnız məmurlardan və bir ovuc Azərbaycan məmur ziyalılarından ibarət idi. Ruhaniliyin təsiri altında olan Azərbaycan əhalisinin düşmən münasibəti ucbatından Azərbaycan pyeslərinin kütləvi tamaşasını təşkil etmək nəinki çətin, hətta qorxulu idi. Burada biz kiçik bir ricətə yol verərək, bir qədər sonrakı vaxtdan yazmaq istəyirik. 1892-ci ildə Şuşada İki qastrolçunun – Safrazyanların iştirakı ilə həvəskarlar tərəfindən Azərbaycan tamaşası düzəldilmişdi. Səhnə cavanların qumar oynadığı bir otağı təsvir edirdi. Tamaşada göstərilən hadisələrin gedişində mübahisə meydana çıxır və qumar oynayanlardan birisi özünün haqlı olduğunu sübut etmək üçün İmamlardan birinə and içir. Bu kifayət idi ki, salonda böyük bir tufan qopsun. Fanatiklər əllərində tapança və xəncər səhnə arxasına atıldılar ki, xalq müəllimlərindən ibarət olan həvəskar-artistlərin əhədini kəssinlər. Tamaşa pozuldu, həvəskarlar qrimdə və teatr paltarında küçəyə qaçdılar. Ertəsi gün kənd müəllimlərini və pyesin müəllifini tutmaq üçün tədbirlər görüldü. Müəllimlər gecə ikən fürsət tapıb kəndlərə dağılışırlar, müəllif isə qapını bağlayıb öz evində gizlənir. Axşam müəllif qohumları ilə birlikdə qoca mollanın yanına gedib pyesin əlyazmasına ona göstərir və Qurana and içir ki, “günah” sözlər həvəskarların öz “uydurmalarıdır”; müəllif and içir ki, onun əsərində həmin sözlər yox idi və molladan xahiş edir ki, özü əlyazmasını oxuyub inansın. Molla anda inanır, ancaq əlyazmasını oxumaqdan boyun qaçırır. Sabahı molla mötəbər adamları çağırtdırıb onları yola gətirir ki, camaatı sakit eləyib müəllifdən əl çəksinlər. Müəllifi rahat buraxırlar, amma Şuşa həvəskarları ta 1899-cu ilə qədər bir daha tamaşa göstərməyə cürət etmirlər. 1873-cü ildən 1880-ci illərədək Azərbaycan tamaşaları haqqında heç bir məlumat yoxdur. 1880-ci ildə professional aktyorlar olan Stepan və Alma xanım Safrazyanlar Zaqafqaziya şəhərlərini dolaşaraq, yerli Azərbaycan ziyalılarının köməyi ilə Azərbaycan tamaşaları verir. Axundovun komediyalarını və azərbaycanca pyes yazan erməni Mədətyanın əsərlərini oynayırlar. 1880-ci illərin əvvəlində Qorkidə Zaqafqaziya müəllimlər seminariyası Azərbaycan əhalisi içərisindən xalq müəllimləri buraxmağa başlayır. Rus və əcnəbi ədəbiyyatı, Axundovun əsərləri və Tiflis teatrları ilə tanış olan bu gənclik Bakıda, Gəncədə, Şuşada, İrəvanda və başqa yerlərdə müntəzəm olaraq bir sıra tamaşalar verir. 1890-cı illərin əvvəllərində ziyalıların sayı artır; Axundov yolunu davam etdirən dramaturqlar meydana çıxır, repertuar genişlənir. Bu zaman Nəriman Nərimanov Bakıya gəlib çıxır; bir çox müəllim yoldaşlarının köməyi ilə daimi həvəskar truppası təşkil edir. Tamaşalar camaatı cəlb etməyə başlayır. Azərbaycan dram cəmiyyətinin yaradılması haqqında məsələ qaldırılır, lakin çar hökuməti nizamnaməni təsdiq etməyə razılıq vermir. 1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və həvəskarlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi. Səhnəsi, dekorları olmayan klublarda tamaşalar verilirdi; teatr bərbərləri yox idi, onları elə dəlləklər əvəz edirdilər ki, qrimdən qətiyyən başları çıxmırdı. Pariksiz oynayırdılar, bığ və saqqalı qoyun yunundan qayırırdılar. Paltar, xüsusən qadın paltarı daha çətin bir məsələ idi. İlk zamanlar qadın rollarını kişilər oynayırdılar; səhnə üçün qadın paltarı borc almağı heç kəs boynuna götürmürdü. Bakıda vəziyyət nisbətən yaxşı idi. Dekorları, lazımi akssesuarı olan həqiqi teatr var idi; bərbər də var idi. Lakin Azərbaycan tamaşaları üçün paltar yox idi. Teatrın sahibi binanı rus truplarına icarəyə verirdi, onlar isə öz tərəflərindən binanı Azərbaycan və erməni tamaşaları göstərmək üçün icarəyə verirdilər. Rus trupunun Azərbaycan paltarı yox idi və qadın paltarları üçün adətən... fahişəxanalara gedirdilər. 90-cı illərin axırlarında Bakıda qadın rollarını Azərbaycan dili bilən rus və ya erməni qadınları oynamağa başlayırdılar. Tamaşa üçün bina almaq çox çətin idi: rus antreprenyorları teatr binasını Azərbaycan tamaşaları üçün çox könülsüz verirdilər və əgər razılıq verirdilərsə də, çox yüksək qiymət (gecəsi 300 manata qədər) qoyurdular. Biletlərin satılışını təşkil etmək də çətin bir məsələ idi. Teatrın kassasından bilet alan olmurdu. Yerli məktəblərin şagirdləri biletləri bazarda dükançılara satırdılar. Çox zaman dükançılar şagirdlərlə ədəbsiz rəftar edirdilər. Həvəskarların vəziyyəti də pis idi. Onlar küçələrdə və bazarda çox nalayiq sözlər eşitməli olurdular; halbuki onların əksəriyyəti pulsuz oynayırdı: 1905-ci ilə qədər bütün tamaşalar xeyriyyəçilik məqsədilə verilirdi və tamaşalardan toplanan pullar kasıb uşaqların oxutdurulmasına sərf edilirdi. 1905-ci il inqilabına qədər vəziyyət belə idi. * * * 90-cı illərin əvvəllərində Mirzə Fətəli Axundovun davamçılarının sayı artır. Bu dövrdə pyeslərin mövzuları çoxarvadlılıq, nadanlıq, rüşvətxorluq, möhtəkirlik, mülkədarların sərxoşluq və əyyaşlığı, Neft torpaqları ilə alver və s. ibarət idi. Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə, onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi, çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi. Axundov zamanında sadə bir polis belə böyük bir vəzifə sahibi hesab edilirdi; canişin dəftərxanasının mütərcimi isə Qafqazın müstəmləkəyə çevrilməsində canişinin sağ əli sayılırdı; odur ki, o, arxayın öz işini görərək şəxsi həyatı üçün nigaran olmaya bilərdi. 90-cı illərin gəncliyi isə bambaşqa bir vəziyyətdə idi. O, nəinki özünü, həm də teatrı xilas etməli idi. Gəncliyin vəziyyətini təsəvvür etmək üçün yuxarıda nağıl etdiyimiz Şuşa tamaşası əhvalatı tamamilə kifayətdir. 90-cı illərin gənc dramaturqları nəsihətamiz pyeslərlə kifayətlənmirdilər. Bu dramaturqlar rus və Avropa ədəbiyyatlarına da nəzər etdirirdilər, onları Azərbaycan zəmininə köçürməyə təşəbbüs edirdilər. Rus və əcnəbi yazıçılardan bir neçə pyes (Qoqolun “Müfəttiş”i, Tolstoyun “Əvvəlinci şərabçı”sı, Dyançenkonun “Qurbana qurban”ı, Şillerin “Qaçaqlar”ı, Şekspirin “Otello”su tərcümə edildi; lakin indi tamaşaçılar tərəfindən böyük maraqla baxılan bu pyeslər o zamankı tamaşaçılar üçün çətin və maraqsız idi. 90-cı illərdə birinci dəfə olaraq tarixi pyes də yarandı, ümumiyyətlə tarixi, xüsusən qəhrəmanlıq tarixini sevən Azərbaycan tamaşaçısı həmin tarixi pyesi çox yaxşı qarşıladı. Bu pyes Nərimanov yoldaş tərəfindən yazılmış “Nadir şah” adlı tarixi faciə idi. * * * 1905-ci il inqilabı həm Azərbaycan teatrında, həm də Azərbaycan dramaturgiyasında həqiqi bir təbəddülat yaratmış oldu. Bu vaxta qədər gizli yaşayan “Nicat” maarif cəmiyyəti geniş fəaliyyətə başladı. Cəmiyyət özünün xüsusi dramatik trupunu yaratdı ki, burada mərhum Ərəblinski, Əbülfət Vəli və İndi Azərbaycan dram teatrında çalışan Sidqi Ruhulla kimi ilk professional Azərbaycan aktyorları var idi. Bina cəhətdən əziyyət davam edirdisə də, rekvizit barədə vəziyyət xeyli yüngülləşdi, cəmiyyət abırlı bir qarderob düzəltdi. Qəzetlər, nəşriyyatlar, mətbəələr yarandı; pyes və afişalar üçün qoyulmuş polis senzoru götürüldü – teatr işi getdikcə sahmana düşməyə başladı. Doğrudur, dəyişiklik ancaq Bakıya aid idi; o biri şəhərlərdə vəziyyət əvvəldə olduğu kimi qalırdı. Yalnız hərdənbir, “Nicat” cəmiyyətinin artistləri Gəncəyə, Tiflisə, Nuxaya, Lənkərana, Petrovska (Mahaç Qalaya) və hətta Volqaya qastrola çıxırdılar. Teatr işinin genişlənməsi ilə əlaqədar olaraq, yazılan pyeslərin sayı da artdı. Ancaq bunların çoxu millətçi panislamist pyeslər idi (”Xalid ibn Valid”, “Ərmənusa”, “Köhnə Türkiyə”, “Yezid ibn Müaviyə”, “Əbül-Üla”, “Vətən”, “Ədirnənin fəthi” və i.a.). Bu repertuarla yanaşı inqilabi pyeslərin də oynanılması üçün zəif təşəbbüs edilmirdi. “Bəxtsiz cavan” kimi burjua-inqilabçı bir əsər səhnəyə qoyuldu. Pyes İki qütbün – köhnəliklə yeniliyin mübarizəsini təsvir edirdi. Köhnəliyin nümayəndəsi, ixtiyarında olan kəndlilərin dərisini soyan tüfeyli mülkədar və səlimçi idi. Yeni nəsli isə mülkədarın qardaşı oğlu, kəndlilərin torpaq hüququnu müdafiə edən gənc bir sosialist-inqilabçı tələbə təmsil edirdi. Bu qeyri-bərabər mübarizədə gənc məğlub olub, özünü intihar edir. Bu pyes 1900-cü ildə yazılmışdı, səhnədə isə yalnız 1905-ci ildən sonra oynana bildi. Inqilabi ruhda yazılmış ikinci pyes “Qaranlıqda işıq” idi ki, sosial-demokrat gəncliyin gizli fəaliyyətini təsvir edirdi. * * * Bir sıra millətçi və pantürkist pyeslərin meydana çıxması iki səbəbdən irəli gəlirdi. Birinci səbəb – erməni-Azərbaycan davası idi ki, bunun nəticəsində hər iki xalq içərisində millətçi əhvali-ruhiyyə gücləndi. İkinci səbəb – osmanlı ədəbiyyatının böyük bir qismi Rusiya imperiyasında yaşayan türk-tatar xalqlarının ədəbiyyatı üzərində öz ağalığını təmin etmək cəhdi idi. Bu hərəkatın əsasını pantürkizm və bütün türk-tatar aləminə osmanlı dilini qəbul etdirmək arzusu təşkil edirdi. Türk-tatar xalqlarının demək olar ki, heç bir mətbuatı olmadığından osmanlı pantürstləri 1905-ci ilə qədər öz proqramlarını geniş bir şəkildə həyata keçirmək imkanından məhrum idilər və öz qəzet və kitablarını göndərməklə kifayətlənirdilər. 1905-ci il inqilabı hər cür qəzet, jurnal və kitab nəşr edilməsi üçün imkan yaratdı. Bundan istifadə edən osmanlı pantürkistləri Bakıya üç jurnalist – Əlibəy Hüseynzadə, Əhməd Kamal və Səbribəyzadə Xalid Xürrəmi ezam etdilər. Bu jurnalistlərin rəhbərliyi altında, demək olar ki, bütün yazıçı gəncliyi öz tərəfinə cəlb edən “Füyuzat”, “Şəlalə” adlı jurnallar nəşr edilməyə başladı. Yalnız kiçik bir yazıçı qrupu “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşaraq, Azərbaycan dilini osmanlılaşdıranlarla açıq və barışmaz mübarizə aparırdı. Bu mübarizəyə baxmayaraq, osmanlı dilini təbliğ edənlər özlərindən sonra çox pis bir irs qoyub getdilər ki, bizim yazıçı gənclik İndi də ondan yaxasını tamamilə qurtara bilməmişdir. Pantürkist təbliğatçılar müəllim və professor pərdəsi altında Azərbaycanda sovet dövründə də meydana çıxdılar, lakin tezliklə Azərbaycan dili və ədəbiyyatının yaxasını buraxıb öz vətənlərinə qayıtmağa məcbur oldular. Bununla belə, Azərbaycan hələ indiyədək dil və ədəbiyyatın osmanlılaşdırılması qalıqlarından xilas ola bilmir. Fevral inqilabı Azərbaycan teatrı və dramaturgiyasına o qədər də fərəhləndirici bir şey gətirmədi. 1917-ci ildə bərbərxanada pilətə partlayışından dram teatrı büsbütün yandı. Yeganə xüsusi opera teatrı eyni zamanda dram teatrına çevrildi. 1918-ci il daşnak-müsavat toqquşması zamanı müsəlman xeyriyyə cəmiyyətinin çox böyük bir binası yandı. Bu binada “Nicat” maarif cəmiyyətinin idarə heyəti, kitabxanası, teatr qarderobu və sair ləvazimatı yerləşirdi. 1918-ci ilin sentyabrında Azərbaycanda əcnəbi qonşuların köməyi ilə müsavat hökuməti quruldu. Müsavatçılar opera teatrını dövlət üçün aldılar və dövlət teatrı adlandırıb İki trup: dram və opera trupları təşkil etdilər. Bir binada dörd trup: rus dram və rus opera, Azərbaycan dram və Azərbaycan opera trupları çalışmalı oldu. Aydındır ki, belə bir vəziyyətdə nə teatr, nə də dramaturgiya inkişaf edə bilməzdi. Teatrın repertuarı köhnə repertuar olaraq qalırdı, lakin “Ədirnənin fəthi” və “Azərbaycan” kimi millətçi pyeslər repertuarda əsas yeri tuturdu. * * * 28 aprel 1920-ci il Azərbaycan mədəniyyəti üçün yeni bir dövrün başlanğıcı oldu. Həmin gün Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ildə Azərbaycanda savadsızlar 98 faizi təşkil edirdi. Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi. Maarif komissarlığı böyük bir enerji ilə əvvəllər milyonçu Tağıyevin xüsusi mülkü olan yanmış teatrı bərpa etdirməyə başladı. Dağıntı dövründə, mismar belə tapmaq çətin olduğu bir zamanda teatr bərpa edildi və “Azərbaycan Dövlət Dram Teatrı” adlandırıldı. Daima artist kadrları yaradıldı. On illərlə burjuaziya və pullu aristokratiyaya xidmət edən proletariatın malı oldu. Inqilabın ilk illərində kütlələri teatra cəlb etmək məqsədilə tamaşalar pulsuz verilirdi, biletlər həmkarlar ittifaqları vasitəsi ilə paylanırdı. Bəzi köhnə dramaturqları inqilab qəflətən yaxalamış oldu. Onlar bir zaman nədən və necə yazmağı bilmədi. Repertuar sanki ilişib yerində qaldı. Lakin bir müddət sonra dramaturgiya canlandı. “Hamlet”, “Kral Lir”, “Otello”, “Qaçaqlar”, “Şıltaq qızın yumşalması”, “Tom dayının koması”, “Çarleyin xalası”, “Kapitan Qrantın uşaqları”, “Kreçinskinin toyu”, “Yurdsuz insanlar”, “Müfəttiş”, “Vilhelm Tel”, “Şahın bərbəri”, “Dairənin mürəbbələşməsi”, “Qorxu”, “Lyubov Yarovaya”, “İntervensiya” və s. əsərlər azərbaycancaya tərcümə edildi. Bir zaman azərbaycanlılarla ermənilər arasındakı düşmənçilik münasibətləri tam dostluq münasibətlərinə çevrildi. Erməni dramaturqlarının – Sundukyanın və Şirvanzadənin əsərləri Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin pyesləri isə erməni dilinə tərcümə edildi. Qısa bir müddətdən sonra inqilabi-təbliği məzmunlu əsərlər də meydana gəlməyə başladı. Azərbaycan dram teatrı ilə yanaşı kiçik formalar teatrı (tənqidtəbliğ teatrı) işə başladı. Bu teatr demək olar ki, bütün dramaturji qüvvələri öz ətrafına topladı; burada həm “qocalar”, həm də cavanlar çalışırdı. Teatra xalq artisti H.Abasov yoldaş rəhbərlik edirdi. Teatrın xidmətlərindən birisi də oyuna azərbaycanlı aktrisalar cəlb etməsi idi. Onun rəhbərliyinin səyi sayəsində İndi Azərbaycan səhnəsində tamaşaçıların məhəbbətini qazanmış bir neçə azərbaycanlı aktrisa işləyir. Azərbaycan tənqid-təbliğ teatrı sonralar Azərbaycan İşçi Teatrına çevrildi. İndi bu teatr Gəncəyə köçürülmüş və “İkinci dövlət teatrı” adı altında işləyir. Teatrlar üçün kadrları 1923-cü ildə açılmış Azərbaycan teatr texnikumu hazırlayır. 13 il müddətində tamaşaçıların teatra münasibəti dəyişmişdir. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər dolur, bəzən teatr tamaşaya iki gün qalmış anşlaq asmalı olur. Yaxın keçmişə qədər teatra gizlin gələn və örtülü lojalarda oturan azərbaycanlı qadınlar, İndi tamamilə üzü açıq olaraq həm lojalarda, həm də parterdə kişilərlə yanaşı otururlar. Bir zaman hamıya avara və müftəxor görünən dramaturq və artistlər indi şərəf və hörmətlə qarşılanırlar. * * * Molla Nəsrəddin haqqında xatiratım “Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu. Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi. Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlamayan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdikdən sonra ürəyini ələ alıb, özünə şərik etməz idisə də, jurnal düşmənliyindən çəkİndirirdi. “Molla Nəsrəddin”in qüvvəli düşmənləri, məsələn, İrəvan və Naxçıvan xanları, ya Qarabağ, Gəncə bəyləri Tiflisə gedəndə jurnalın idarəsinə getməyi özlərinə borc hesab edirdilər və getməkdən məqsəd ancaq Mirzə Cəlilin o “murdar sifətini” görmək və sonra lazımi yerində onu məsxərə etmək idi. Nəhayət, bu xəyal ilə onun yanına gedib onunla bir qədər müsahibə etməkdən sonra başqa bir vəziyyətdə çıxırdılar. Və: – Canım, kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yazmamalıdır, – deyirdilər; deməli, onun haqlı olduğunu düşmənlə də təsdiq edirdilər. “Molla Nəsrəddin” jurnalı çıxmağa başlayanda mən Şuşada idim; 1906-cı sənənin 30 aprelində çıxan birinci nömrəsi may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında bir bomba tək partladı. Birinci nömrənin birinci səhifəsində mollalara zərbə vurması, həmişə üsuli-şeyxi və Hacı Kərimxanı söhbətlərinə məşğul olan və mollaları “başlarında gəzdirən” Şuşa əhalisinə təsirini qələm təsvir etməkdən acizdir. Gah onun adını misyoner və xalqı müsəlmanlıqdan döndərib xaçpərəstliyə çəkmək istəyən jurnal qoydular, gah danışırdılar ki, guya bu jurnalı nəşr edən babilərdir. Mollalar jurnal yazanları və oxuyanları təkfir edib deyirdilər: – Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır: onu maşa ilə götürüb ayaq yoluna atmaq lazımdır. Bu sözlər bir Qarabağda yox, Zaqafqaziyanın hər bir şəhərlərində deyilirdi. Mirzə Cəlil həmişə deyirdi: – Mən bu jurnalı Tiflisdə çıxartmayıb sair bir şəhərdə, məsələn, Bakıda, Irəvanda çıxarsa idim, yəqin birinci nömrədən sonra mənim idarəmi dağıdıb özümü də öldürərdilər. Tiflis, xüsusən, Davidovski küçə müsəlman məhəlləsindən uzaqdır, mənim qanımın arasına girmiş, ancaq burada bir növ jurnal çıxartmaq mümkündür. “Molla Nəsrəddin”in birinci nömrəsi Şuşada neçə adamın hüsnitəvəccöhünü də qazandı. Şuşa ziyalılarından advokat Həsənəlibəy Sarıcalı birinci abunə yazılıb, “Molla Nəsrəddin”ə “Mirzə Qoşunəli Təbrizi” təxəllüsü ilə məqalələr yazıb göndərməyə başladı və “Molla Nəsrəddin” in intişarı yolunda da lazımi səydən geri durmadı. O kişi həmişə deyirdi: – Tiflisə yolum düşərsə, əlbəttə, gedib Məmmədquluzadəni görüb üzündən öpəcəyəm. Belə də biz hamımız, yəni ziyalılar Mirzə ilə görüşməyi arzu edirdik. Mirzə Cəlil ilə birinci dəfə mən Şuşa realni məktəbin yuxarı siniflərində oxuduğum zaman tanış olmuşdum. Yay fəslində üç nəfər İrəvan müəllimi Şuşa müəllimlərinə qonaq gəlmişdilər; bunların birisi Cəlil Məmmədquluzadə idi. Onunla yavıq tanış olmağım 1906-cı sənəsinin noyabr ayında müyəssər oldu. Noyabr ayında Rusiyadan Tiflisə gəlib bir qədər mehmanxanada rahat olduqdan sonra birbaş “Molla Nəsrəddin” idarəsinə getdim. Nəhayət, Məmmədquluzadəni görə bilməyi, Faiq Nemanzadə ilə bir az söhbət eləyib, Mirzənin mənzilinin adresini də ondan öyrəndim və o biri günü onun yanına getməyi qərara aldım. O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Bir saat ondan keçməmiş Davidovski küçəsində Mirzə ilə bahəm əyləşib söhbətə məşğul olduq. Jurnalın məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu. Mirzə deyərdi: – Adını mühərrir qoyub ortalığa çıxan gərək bir-bir vəziyyəti nəzərdə tutsun. Yəqin mühərririn düşməni dostundan çox olacaq; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərririn qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar mənim dostum düşmənimdən çox olar, mən ona əminəm. Fəqət gərək ziyalı cavanlar kömək versinlər, bu böyüklükdə yükü bir adam götürə bilməz. Jurnalın dilinin sadəliyi haqqında deyirdi: – Mən axundlar üçün, savadlılar üçün yazmayıram, mən avam kütlə üçün yazıram, ona görə də gərək mənim dilim sadə və avam üçün anlaşılan olsun. Bu söhbətin nəticəsində mən öz bacardığım köməyi vəd edib, 1907-ci ildən başlayaraq, axır günlərədək Mirzə Cəlil ilə bərabər “Molla Nəsrəddin”də işlədim. Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-beyzası var idi. Guya ki, mövzuları cibindən çıxardırdı. Bir dəfə cəm olub “İbrahimbəy səyahətnaməsi”ndən söhbət edirdik: burada “Molla Nəsrəddin” dostlarından Faiq Nemanzadə, Səlman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Səlman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə səbəb idi. “İbrahimbəy səyahətnaməsi”ndən söhbət olduqda mən dedim: – Nə olardı bu kitaba nəzirə bir “Səyahətnameyi-Molla Nəsrəddin” də olaydı. Aya, görərsən Molla Nəsrəddin islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər. Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: – Gəlin biz “Mozalan”ı gəzdirək; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqət bu adam gəlib, buraları görüb bu felyetonları yazmış. Belə də oldu. Birinci felyetonu mən başlayıb mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Səlman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, “Mozalanbəyin səyahətnaməsi” ortalığa çıxdı. “Molla Nəsrəddin” jurnalı getdikcə özünə hər bir şəhərdə dostlar qazanmağa nail oldu. Hər yerdən ona məqalələr, xırda xəbərlər gəlməyə başladı. Şamaxıdan, Göyçaydan, Nuxadan, Gəncədən, Qarabağdan, Vladiqafqazdan, hətta Irandan da məqalələr gəlirdi. Get-gedə “Molla Nəsrəddin” şöhrət və nüfuz qazanıb düşmənlərini iztiraba saldı. 1907-ci sənədə “Molla Nəsrəddin” qadın azadlığı məsələsini ortalığa atdı. Bu məsələ Zaqafqaziya xalqını iki hissəyə böldü, bir yanda hürriyyətpərvər ziyalılar, o biri tərəfdə mollalar, mollanümalar, sərvətdarlar və bunlara yaltaqlıq edən “ziyalılar”. Deməli, bu yerdə iki cəbhə əmələ gəldi. Bir cəbhənin başında “Molla Nəsrəddin”, o biri cəbhənin başında “Tazə həyat” qəzeti ki, Hacı Zeynalabdin Tağıyevin xərcində nəşr olunurdu. “Şəlalə” məcmuəsi və “İşıq” məcmuəsi. Haman ilin may ayında mən Bakıya gəlmişdim. Qəzetdə iranlıların “İttihad” məktəbinin ildönümü olması xəbərini oxuyub oraya getdim. Böyük izdiham var idi. Bir neçə nitqdən sonra Bakı qəzası Mirməhəmməd Kərim ayağa qalxıb dedi: – Həzərat! Mən danışmaq istəməzdim, lakin şəri-təklif məni danışmağa vadar edir. Bir nəfər şəxs çıxıb ortalığa, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxardır. İndiyə kimi hər nə cəfəngiyat yazıb onunla işim yoxdur, özü bilər, öz Allahı. Ancaq axır vaxtlarda islamın kökünə balta vurmağa başlayıb. Yazır ki, müsəlmanlar arvadlarını açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz. Bunun müqabilində bir tədbir lazımdır. Bu məclisdə “Molla Nəsrəddin”in boykot olunması qərara alındı. Söz yox ki, boykot tərəfdarları “Molla Nəsrəddin”i oxuyanlar deyildilər. “Molla Nəsrəddin”in rövnəqinə və rəvacına səbəb olan amillərdən biri də Sabirin əşarı idi. Sabirlə mənim yavıq rəfaqətim var idi: onunla çox görüşüb çox müsahibədə bulunurdum. Sabirin təbinə, qafiyəpərdazlığına, bədahətən şeir söyləməsinə heç bir söz olmazdı. Sabir həqiqət şeirdə böyük məharət yetirmiş bir şair idi. Sabir “Molla Nəsrəddin” dən çox qabaq şeirlər yazardı. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Molla Nəsrəddin” və Mirzə Cəlil idi. 1913-cü sənədə Mirzə Cəlil şair Əliqulu Nəcəfzadə “Qəmküsar” təxəllüsü özünə redaktor yoldaşı qəbul etdi. Nəcəfzadə qabil, mövzu təbli, dərin ittilatlı və son dərəcədə hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi əşar onun hafizəsində idi. Əliqulu Nəcəfzadə ondan da qabaq “Molla Nəsrəddin”ə “Cüvəllağı” imzası ilə şeirlər yazıb göndərərdi. Onun ikinci redaktor olması jurnalı daha da ruhlandırdı. Nəhayət, 1919-cu sənədə onun vəfatı “Molla Nəsrəddin”ə böyük bir zərbə vurub, hətta jurnalın üç il dayanmasına səbəb oldu. 1922-ci ildə, Azərbaycan sovetləşdikdən sonra Mirzə Cəlil Bakıya köçüb köhnə yoldaşlarını başına cəm edib jurnalı nəşr etməyə başladı. “Molla Nəsrəddin”də iştirak edənlərdən mən tanıdıqlarım Mirzə Ələkbər Sabir, Əli Razi Şəmsizadə (Dabanıçatdaqxala), Səlman Mümtaz (Xortdan bəy), Əli Nəzmi (Sijimqulu), Əli Məhzun (Yetim cücə), Yusif Kənan (Qoşunəli) və Əliqulu Nəcəfzadə (Cüvəllağı) idilər. * * * Keçmiş günlərdən Birinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm. 1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar. Əsərin pərdələrindən birisində Qarabağda toy məclisi göstərilirdi. Qarabağda olan adət üzrə (bəlkə bu adət Azərbaycanın başqa şəhərlərində də vardır) hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq ayrılardı. Qumarbazlar, çalandan, oxuyandan xəbərsiz olaraq toyun axırına qədər gecəgündüz qumarla məşğul olardılar. Səhnədə qumar məclisi göstərilirdi. Bir guşədə dörd nəfər əyləşib “dörd aşıq” oynayırlardı. Bir aşığın “alçı” durması üstündə mübahisə düşür. Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, birisi, aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq alçıdır”. Bu sözlər teatro salonunda bir bomba kimi partlayıb, tamaşaçıların arasında böyük bir qarışıqlığa səbəb oldu. Teatrada olan gənclər (qocalar və qadınlar teatroya getməzdilər): “Bu məlunlar, dinsizlər, Allahı tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adını çəkirlər” – deyə xəncər və tapançalara əl atdılar. Teatro yarımçıq pozuldu, “aktyorlar” dal qapıdan qaçdılar. Səhnədə iştirak edən bir müəllim əynindəki qadın paltarını soyunmağa vaxt tapmadığından, öz paltarlarını qoltuğuna alaraq evlərinə qədər qaçmışdı. Sabahı günü şəhərin gəncləri silahlanıb kənd müəllimlərini avlamağa çıxdılar. Müəllimlər isə hamısı qaçıb öz kəndlərinə getdilər. Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, ancaq and olsun bu Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən 1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər. * * * Ədəbi dilimiz haqqında Axır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl. 1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi. Türklərin bir mətbəəsi yox idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi üçün olub, bərbad bir halda idi. Bu səbəbdən məktəblərdə tədris kitabları və camaatın oxuduğu kitablar ancaq “Leyli və Məcnun”, “Gülüstan”, “Bustan”, “Tarixi-Nadir” və bu qəbil Iranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilini tam mənasilə ağalıq edirdi. O vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar. Danışıq əsnasında işlətdiyimiz cümlələr fars quruluşunda olurdu. Məsələn: “Qəzetlərdən yazılanlardan böylə görünür ki, bu il Azərbaycanın pambıq məhsulu bol olacaqdır”, “Mən sənin evinə gəlmərəm, çünki səndən incimişəm”, “Hərgah mənə kağız yazmaq istəsən, bu ünvana yaz” və ilax... Danışıq vaxtında fars ləfzlərinin çox işlənməsi indi də savadlılığa dəlil hesab olunur. Fars dilinin təsiri sayəsində türk istilahlarını itirib, fars istilahlarını işlətməyə möhtac olmuşuq. Bu istilahları arayıb tapmaq üçün ciddi çalışmaq lazımdır. Azərbaycan türk aləmində birinci dəfə meydana çıxmış kitab Mirzə Fətəlinin komediyaları və “Aldanmış kəvakib” sərlövhəli hekayəsidir. Komediyaları Azərbaycanın el dilində yazılmış, hekayə isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz çətin oxunur. Öz tərcümeyi-halını Mirzə Fətəli fars dilində yazmış, 70-ci və 80-cı sənələrdə təsadüfi olaraq Rusiya çar hökuməti iki-üç qəzetəyə icazə veribsə də, sonra peşman olub, onları bir neçə ay davamlarından sonra qapamış. Bu qəzetlərin biri 1875-ci sənədə Bakıda nəşr olunan Həsən bəy Zərdabinin “Əkinçi”si və İkincisi Tiflisdə 1883-cü ildə çıxan “Kəşkül” və “Ziyayi- Qafqaz” qəzetləri idi. Bu iki qəzetənin naşiri Cəlal əfəndi Ünsizadə idi. “Əkinçi” qəzetəsinin iki dili var idi. Zərdabinin dili və mühərrirlərinin dili. Həsən bəyin işlətdiyi cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi; müxbir və mühərirləri isə fars cümlələri və fars dili işlədirdilər. Cəlal əfəndinin “Kəşkül”ünü həmçinin lüğətsiz oxumaq çətin idi. Odur ki, bu qəzetlər də bir ədəbi dil yarada bilmədilər. 90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular. Böylə ziyalılarımız İndi də az deyildir. Bir neçə cümlə göstərmək yersiz olmaz. “O adamlar hansılar ki, bu işdə iştirak edirlər”, “Mənim qardaşım tarda yaxşı oynayır”, “Əhmədin qızı ərə çıxdı”, “Bu işin müqabilində bir ölçü götürmək lazımdır” və ilax... Dilə qarışmış hədsiz rus sözlərindən danışmağa ehtiyac yoxdur. Ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram. Sultan Əbdülhəmid zamanında osmanlı ədibləri hökumətin təhriki altında osmanlı türk ədəbiyyatının cəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yolunda cidd-cəhd edirdilər. Azərbaycanda ədəbiyyat olmadığından bu yerlərə əl atmayırdılar. Öylə ki, 1905-ci il inqilabından sonra Azərbaycanda ədəbiyyat yolunda böyük bir hərəkət əmələ gəldi: mətbəələr quruldu, qəzetələr intişara başladı, ədiblərin fəaliyyətləri yüksəldi; maarif cəmiyyətləri, dram dərnəkləri təşkil olundu, ədəbiyyat kitablarının sayı gün-gündən artmağa başladı. Bunu gördükdə osmanlı ədəbiyyatının ağalıq xülyası cünbüşə gəldi. Bu əsası icra etmək üçün bir neçə nəfər İstanbuldan Azərbaycana ezam olundu. Əlibəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə “Füyuzat”ı nəşrə başlayıb, türk Azərbaycan dilini osmanlılaşdırmağa qədəm qoydu. Bunun müqabilində “Molla Nəsrəddin”in amansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu altına çəkdi. Əlibəydən sonra Əhməd Kamal “Yeni Füyuzat” jurnalının başında əyləşib Əlibəy yolu ilə getdi. 1910-cu illərdə Səbribəyzadə “Şəlalə” jurnalı ilə meydana atıldı. Bu adam, ondan qabaq gələnlər kimi işlədiyindən əlavə ən mürtəce, qaranlıq sevən, tərəqqi düşməni; qadınlar təsəttürü yolunda canından, başından keçən bir şəxs idi. Bu jurnalın təsirindən cavan ədiblərimiz və şairlərimiz İndi də azad ola bilməyirlər. Cavan yazıcılarımızın şeirlərini oxuyanlar bunu təsbid edərlər. Gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: “sırt” – çiyin, “erkək” – kişi. “Ərkək” sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür. Şura hökuməti bərpa olunandan bəri Azərbaycanda ədəbiyyatın, mətbuatın sayı yüz əlli sənənin müddətində görülməmiş bir dərəcəyə çıxmış. Türkləşmiş orta, ali məktəblərdə türk dilində yazılmış və tərcümə olunmuş elmi kitablar işlənməkdədir. Söz yox ki, bu kitabların dilində ədəbi qüsurlar hədsizdir. Bu qüsurlar da dilin ədəbiləşməsinə nə qədər ziyan verə bilər. Buna görə Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır. * * * == Məktublar == Qurbanəli Şərifova Dust mehriban! Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam. Adres.: S.Peterburq, Nikolayevskaya ul, d 4. kv. 28. Bəradəri şüma Əbdürrəhim Haqverdiyev * * * Nəcəf bəy Vəzirova Bakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar. Sizin Ə.Haqverdiyev * * * Hüseyn Mamayevə 1 3 dekabr 1915-ci il Əziz Hüsü. Üç gündür məktubunu almışam; müvəffəqiyyətlərinə hədsiz sevinirəm; Allah eləsin gələcəkdə də bu cür olsun, buna şübhə etmirəm. Dünən teleqrafla təzə ünvanına 60 manat göndərdim; zəhmət olmasa almağın barədə xəbər ver. 20 manat əhvalatından sonra poçta şübhə etməyə başlamışam... Yeri gəlmişkən deyim ki, həmin 20 manat barəsində poçt kontorunun müdirinə ərizə verib xahiş etmişəm ki, onu tapıb ünvanına göndərsin. Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Açıq məktubda təkcə Ağdam əhvalatlarını deyil, bütöv Ağdamın özünü də yerləşdirmək olar. Allaha şükür, biz hamımız sağsalamatıq. Atan əvvəlki kimi hər gün bizə baş çəkir və hamıdan da çox bacın xatırlayır, xüsusilə ləzzətli xörəklər yeyiləndə. Biz elə güman edirdik ki, Xosrov evlənər – dəyişər, amma o, əvvəlki kimi yenə gününü səhərdən axşama kimi bazarda keçirir, hərdən də bir, nə üçünsə, sənin dostun Xanlar Nağıyevgildə gecələyir. Xanlar burdadır və həmişə də xəstədir. O, sözgəlişi mənə dedi ki, sənə açıq məktub göndərib. Mirhəsən Bakıdadır və hardasa, kimin yanındasa işləyir. Təzə xəbər odur ki, atanın bağbanı Xanları, heç bilmirdik onun əlindən canımızı necə qurtaraq, yaxınlarda quduz it qapdı və bu günlərdə də yazıq quduz olub öldü. Atan yaman sevinir. O, İndi bağı olduqca əlverişli qiymətə icarəyə verir. Ümumiyyətlə, atanın işləri düzəlməyə başlayır. Rus məsəlində deyilir: “Allah eləyəydi bizim dana canavar tutaydı”. Özüm barədə deyim ki, burada lap təkəm, hərdənbir maraqsız adamlar baş çəkməyə gəlirlər, onlarla da heç bilmirsən nə danışasan. Tiflis məsələsi baş tutmadı. Ağdamda əlləşməli olacağam, buradan canımı qurtara bilsəm bir dəvə qurban kəsərəm. Bir neçə kəlmə də “Evklid” yox, “Evripid teatrı” kitabı haqqında. Evklid dramaturq yox, riyaziyyatçı olmuşdur. Nə əcəb jurnalın üz qabığında kitab ticarətçisi Malıqinin ünvanı yoxdur. Sənin ünvanlar idarəsinə getməyə vaxtın olmadığından, ən asanı odur ki, Malıqinin adına məktub yazasan, poçt onu tapar. O, olduğu yeri sənə xəbər verər və sən də onun yanına gedərsən. O kitabın qiyməti 7 manatdır. Mən elə güman edirəm ki, onu nadir bir kitab kimi yalnız bukinistdən tapmaq olar. İndi də səni maraqlandıran müsəlman teatrosu məsələsi haqqında: ilk teatro tamaşası Bakıda, 1873-cü ilin Novruz bayramı günündə, hazırda “Metropol” mehmanxanası yerləşən binada, Bakının ictimai iclaslar salonunda səhnəyə qoyulmuşdur. M.F.Axundovun “Mərdi-xəsis” (”Hacı Qara”) komediyası oynanmışdır. Əsər N.B.Vəzirovun təşəbbüsü, Həsənbəy Zərdabinin rəhbərliyi ilə tamaşaya qoyulmuşdur. Pyesin əsas iştirakçıları N.B.Vəzirov və sabiq Yelizavetpol şəhər bələdiyyə rəisi rəhmətlik Əsgər ağa Adıgözəlov olmuşlar. Əgər bu məsələ səni ətraflı maraqlandırırsa, onda məsləhət görürəm “Teatr i iskusstvo” jurnalının 1909- cu il, 6-cı nömrəsini tapasan. Orada “Tatar teatrın” adlı məqalə var. Həmin məqalədən bəzi geniş məlumat tapa biləsən. Daha nə barədə yazım? Dünənə qədər burada bahar havası var idi, bu gün göy tutqundur, ancaq soyuq deyil. Nə üçün Moskva yeniliklərindən heç bir şey yazmırsan? Axı Moskva paytaxtdır və orada təzə xəbərlər də az olmaz. Sitarə və Tavus indi bizdədirlər və simsiz teleqraf vasitəsilə sənə busələr göndərirlər. Hamı səni öpür və may ayının gəlməsini gözləyir. Hərdənbir bacımla xəyal dəryasında üzürük. Mayın axırında Moskvaya gəlməyə və oradan da səninlə birlikdə Volqa çayı ilə geri qayıtmağa hazırlaşırıq. Əyər boş şeylər mane olmasa gözəl plandır. Bir yenilik də: bizim İmranın atası Məşədi Baxşəli rəhmətə gedib. Hələlik sağ ol. Səni sevən dayın Əbdürrəhim 2 4/1-1916 Əziz Hüsü Dünən 27 dekabr tarixli məktubunu, bu gün də dekabrın 30-da sənə göndərilən teleqramın cavabını aldım. Özün başa düşürsən ki, sən məktub yazmamaqla bizi, xüsusən bacımı nigarançılıqda qoyursan. Xəstəlikdən yazırsan. Sən Allah, özünü gözlə; Moskvada olan soyuqlar haqqında oxuduqlarımız dəhşətdir, adam o dünyaya gedə də bilər. Evdən çıxanda bacardıqca isti geyin, gərək ki sənin yun köynəyin olsun. Moskva müsəlman xeyriyyə cəmiyyətinin qaynar fəaliyyəti, xüsusilə müsəlman gənclərini işə cəlb etmələri məni olduqca sevindirir. Mən belə oxudum ki, Moskvada müsəlman səhnə xadimlərinin qurultayı olacaqdır. Bu özü də olduqca sevİndirici faktdır. Sənin “Evpirid teatrı” kitabı haqqında özünə bəraət qazandırmağın məni qane etmədi. Bayramın buna dəxli yoxdur. Cəmiyyətdə başın o qədər qarışıb ki, sadəcə olaraq hər şeyi unutmusan. Bilirsənmi mən necə də çirkab içində yaşayıram və bu kitab mənə nə qədər zövq verə bilər. Mən Azərbaycan dilində teatrın qısaca tarixini tərtib etmək istəyirəm. Lakin yunan dilində məlumatın olduqca az olması məcbur edir ki, başqa mənbələrə də əl atasan. Elə güman edirəm ki, “Evpirid teatrı” kitabı mənə çoxlu material verər. Kitabı tezliklə göndərməyi unutma. Mən indi “Açıq söz” qəzetində əməkdaşlıq edirəm. “Şeyx Şəban” hekayəmi orada çap etdirmişəm. O tənqid ki sən oxumuşsan, uşaqcasına, daha doğrusu, qocacasına yazılmış tənqiddir. Söhbət hekayənin bəzi yerlərindən gedir. Başlanğıcda qrammatikadan bir balaca dərs verilir, məsləhət görülür ki, mən mükəmməl bir dildə, yəni qəzetlərimizin yazdığı və heç kəsin başa düşmədiyi bir dildə yazım ki, bunu da mən heç bir vaxt etmərəm. Sonra tənqidçi, hekayənin, Gülsümün atası evindən qoşulub qaçması yerini təhlil edəndə, böyük bir ailənin nəcib atası kimi mülahizə yürüdür. Nömrələr İndi əlimdə yoxdur, yoxsa onları sənə göndərərdim... Ağdamdan sənə nə yazım. Ağdam öz köhnə yerindədir, yaman bahalıqdır. Məsələn, yağın girvənkəsi 1 manat 10 qəpiyə; ət 21 qəpik (keçi əti), qənd 25 qəpik və ilax... Biz hələ dözürük, əvvəlki kimi yeyir, içir, dolanırıq. Qonaq da ki, həmişə var. Evinizdən heç nigaran olma; nə qədər ki mən sağam, o heç bir ehtiyac hiss etməyəcək. Sonra, Allah qoysa, sən təhsilini başa vurarsan, hər şey öz qaydasilə gedər. Oktyabrın 19-da sənə göndərdiyim 20 manatın başına gələn məzəli əhvalatı da deyim. Bu günlərdə mən onu geri aldım. Poçtda pulun sənə çatmamasının səbəbilə maraqlandım. Moskvadan alınan teleqramda belə yazıblar: “Pul alası adam Rıbinskyə, öz evinə getmişdir”. Onu da qeyd edim ki, ünvan haman ünvandır. Bu gün teleqrafla sənə 60 manat göndərdim, sən Allah, çatan kimi xəbər ver və heç olmasa, ayda üç məktub yaz. Mən Tiflisə köçmək barədə ciddi düşünürəm, deyəsən, baş tutacaq; Tiflisdə açılacaq müsəlman ruhani seminariyasında mənə müdir müavini vəzifəsini söz veriblər, ümumiyyətlə, orada mənim barəmdə çalışırlar. Sitarə və Tavus bu saat bizdədirlər, sənə cani-dildən salam-dua yazmağımı xahiş edirlər – şirin busələr göndərirlər. Atan, Xosrov, Pərviz, Fatma da səni öpürlər. Bacım səni möhkəm qucaqlayır. Qəmər bacıya və Hüseyn bəyə mənim səmimi salamlarımı çatdır. Yeri gəlmişkən soruşum – Xuduş hardadır? Saat artıq 10-a 20 dəqiqə işləyir, mən masa arxasında oturub yazıram, bacım da divanda xoruldayır. Sən çox yaxşı etdin ki, gəlmədin. İnan, buradakılar da sənin üçün bərk darıxıblar. Moskvadan Ağdama gəlmək, əvvəla, böyük narahatçılıqdır, İkincisi də, artıq xərcdir. Papağını hərləyəsən, may olacaq. Xudahafiz, öpürəm səni. Dayın Əbdürrəhim * * * “Qruziya” qəzetinə Gürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm. Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir. Eləcə də mən “Hümmət” partiyasının da üzvü deyiləm. Həqiqətdir ki, mən “Hümmət” partiyasının nəşrlərində iştirak edirəm, lakin mənim iştirakım ədəbi məzmunlu və partiyanın proqramı ilə ümumi əlaqəsi olmayan məqalələr çap etməklə məhdudlaşır. Mən həmişə bitərəf olmuşam və parlamentə daxil olanda da özümü bu cür tanıtmışam. Nəticədə bildirirəm ki, mən həmişə sol sosialist partiyalara rəğbət bəsləmişəm və İndi də o fikirdəyəm, çünki xalqımın xoşbəxtliyini həmin partiyaların proqramlarının həyata keçirilməsində görmüşəm. Ə.Haqverdiyev Gürcü parlamentinin üzvü * * * Əziz Şərifə 1 Əziz qardaşım Əziz! Seşənbə günü saat İkidə səlamət Bakıya varid olduq. Yubileyin müvəffəqiyyətlə keçməyi xəbəri bizdən qabaq gəlib çıxmışdı və məhafildə böyük təsirat bağışlamışdı. Quliyev (Mustafa Quliyev) türk teatrosu müdiriyyətinə üç günün ərzində bir proqram tərtib edilməsinə əmr vermiş, proqram bu gün mənim iştirakımla hazırlandı, sabah Quliyevə veriləcək. Nəhayət, kollegiya əzasından bir nəfər, Tiflisdən dala düşməni Azərbaycan üçün həqarət hesab edib, yubileyin bir-iki sənə təklif etmişdi, guya mən ömrümə qəbalə alıb, Allah ilə daqavor bağlamışam. Yubileyin Bakı dairəsində belə təsir bağışlamağı sənin, Rzaqulunun mənə qulluq etməkdən təngə gəlməyinizin nəticəsi hesab edib, dübarə uzaqdan sənə izhar-təşəkkürümü göndərirəm. Sağ ol, qardaşım, çox zəhmət çəkdin. Sənin “Yenin fikir” məqalələrinin mənim üçün böyük əhəmiyyəti var... Yubiley günü müəyyən olan tək sənə xəbər edərəm. Ümid ki, yubileydən bir həftə qabaq Rzaqulu ilə bahəm buraya gələcəksiniz. Bizim camaata bir hərəkət verən həmişə lazımdır. “Hamlet”dən monoloqları yazıb bu məktubla bahəm göndərirəm. Sabah “Vaveyla”nı da göndərəcəyəm. Kitablar çapdan çıxdıqca bir-bir sənə göndərrəm. “Hamlet”i üzü yazılmaq üçün sabah aparacaqlar. Yəqin bir həftəyə yazıb qurtararlar. O saat onu da sənə göndərrəm. Əlini sıxıb, səni bərk öpürəm. Qardaşın Əbdürrəhim 12 fevral 1927 2 7 may 1927 Əziz qardaşım Əziz! Bəd əz ərzi-salamdan sonra (”Yeni fikir” “təhti idarəsi altında” yazanda, mən də belə yazaram) bu gün sənin tul, təfsil məktubunu aldım; belə görünür, bu neçə müddətdə tamam qüvvəni cəm edib hamısını bir məktubun yazılmasına sərf edibsən; amma yaxşı olar ki, azaz yazıb tez-tez yazasan. Hər növ olsa, məktubunu artıq maraqla oxuyub ayağa çıxınca özümü Tiflisdə hiss elədim; bu da mənə bir ruhani ləzzət verdi. Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi bir məhəbbətim var. Bu saat gündüz saat İkidir. Nahar vaxtına bir saat qalıbdır. Mən, pəncərə qabağında oturub, kağız yazıram, uşaqların anası da böyrümdə əyləşib roman oxumağa məşğuldur. Bayırda gün istisi, Bakının da tozu öz qaydasıyla. Mənə çoxdan kağız yazmadığından üzr istəyib, tənbəlliyini etiraf eləyirsən; amma nahaq işdir; tənbəllikdə heç mən də səndən qalmaram, bəlkə bir otuz açki də perod verərəm. Əkslər gəldi yetişdi, təşəkkür edirəm; nəhayət Koqan mənim xüsusi əksimi də aldı; doğrudur, o əksləri özü üçün almışdı, bain həmə qayda üzrə bir ədəd göndərməli idi. Dvarsovı küçəyə yolun düşsə, Koqandan bir ədəd alıb mənim üçün göndərsən, səndən incimərəm. Mənim burada yubileyim olmadığından mən əsla dilgir deyiləm. Əvvəla, Zaqafqaz miqyasında götürülmüş təntənənin burada təkrarı mümkün deyildi, İkincisi, heç kəs öz vətənində peyğəmbər olmayıb. Qırx illiyə də... ya nəsib! Tiflis cavanlarının, əhalisinin, aktyorlarının, Fotoqraf Kozanın adını müəllif düz yazmamışdır. (Əziz Şərifin qeydi). təşkilatının, sənin və Rzaqulunun qulluq eləməkdə təngə gəldiyimiz qiyamətədək mənim xəyalımdan getməz. Mən Qafqazda bir nəfər üçün bu cəlal ilə təşkil olunmuş yubiley görməmişdim. Burada da mənə təskin verib, dedilər ki, qırx sənəliyivi gözəl surətdə bayram edərik. Cavabında dedim ki, mən Allah ilə hələ daqavor bağlamamışam. Narkomprosun iki qətnaməsindən mənim yubileyim xüsusunda kopyalar götürmüşəm, qətnamələrin müxtəsər məzmunları budur: birinci – filankəs üçün Tiflisdə yubiley tərtib olduğuna görə, burada da təkrarı vacib görünür. İkinci – filankəs üçün Tiflisdə yubiley tərtib olunduğuna görə, burada təkrarı lazım görünməyir. Tarixi qətnamələrdir. Burada yubiley münasibətilə ədəbiyyat cəmiyyəti bir iclas təyin etmək istəyir, amma ondan da mənim ağlım bir şey kəsmir və artıq marağım da yoxdur. Məndən tərcümə və çap üçün hekayələr istəyirsən. Bu saat əlyazısı hekayələrim yoxdur. Bəlkə yazdım, göndərrəm. Ancaq çapdan çıxmış “Marallarım”dan bir nüsxə sənə göndərdim. Bəlkə tərcümə üçün aralarında yarayan tapıldı; çap üçün “Şeyx Şəban” da bəd deyil. O ki para məsələsi, o barədə bir şey yazmağı lazım bilmirəm; tamamən sənə mühəvvəl edirəm. Necə ki, bilirsən “Azərnəşr” mənim yazılarımı çap edir, amma... “Pəri cadu”nu buraxmaq istəmir; səbəbi – mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər. Və bir də deyirlər ki, “Pəri cadu” haqqında inqilabdan sonra bir mükəmməl tənqid qəzetlərdə çıxmayıbdır. Birinci bimənadır; bir yerdə ki, mövhumat ilə simvolikaya təfavüt qoymurlar, orada danışmaq da fayda verməz; belə bisavad naşirlərdən ancaq bunu gözləmək olar. İkinci səbəbi rədd etmək asandır, bu da sənə bağlıdır: bəlkə qəzetdə “Pəri cadu”nun iyirmi beş il səhnədə müvəffəqiyyətlə davam etməyi haqqında bir şey yaza biləsən. Əlavə Rzaqulu mənə deyirdi ki, gürcü hökuməti sənin kitablarından birini çox həvəslə çap etmək istəyir; Rzaqulu ilə söhbət elə, bəlkə “Pəri cadu”nu Tiflisdə çar edək. “Hamlet”in tərcüməsindən sənə parçalar göndərmişdim; o xüsusda kağızında bir şey yoxdur. MXT-ı buradan ehtiramla yola verdik. O ki qaldı Meyerxold... vallah, bilmirəm nə deyim, onların quruluşları mənim əqidəmcə... yaman adamın atasının goruna... doğrudur, qəzetlərdə tərif edirlər, amma burada bir şey anlayıram: münəqqid tərif edir, çünki qorxur ona axmaq deyələr. Tiflisdən gələndən sonra İki seridən ibarət “Köhnə dudman” adında təzə bir pyesanı tamam edib, bədaye komisyonu sədri Ruhulla Axundova verdim. Bu günlərdə cavab alacağam; pyesa, deyəsən, yaman deyil. Hal-hazıra dairdir və mənim də bir az xoşuma gəlir. Yəqin Tiflis truppası da surətini alar. Bir az da özümdən yazım: darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Yay fəsli islamın zəif olduğundan qorxuram bir yana çıxa bilməyəm; yay fəslini də burada qalsam, qırx illik yubiley “təhq şəkk altında” olacaq... ...Səni bərk-bərk qucaqlayıb öpürəm. Və yenə məktublarını gözləyirəm. Məndən Tiflis cavanlarının hamısına fərdən-fərd – mərsiyəxanlar demiş – dua yetirərsən. Rzaquluya xüsusi kağız yazıram. Bu yayı sən harda keçirmək fikrindəsən? Bu günlərdə Bakıya gəlsəydin, pis olmazdı. Xülasə, xudahafiz. Səni sevən qardaşın Əbdürrəhim Adresin yadımdan çıxmayıb, nahaq zəhmət çəkib xəbər veribsən Ə. 3 Əziz qardaşım! Axır ki, səndən bir kağız gəldi. Çox müddət keçdiyindən, mənim kağızımdakı məsələlərdən ancaq birinə (s vas çetıre rublyaya) cavab verirsən. Zalım kişi, sənə neçə kitab göndərmişəm, onların çatdığını ya çatmadığını, – bakılı demiş, – nöş xəbər vermirsən? Bəlkə kitabları yolda ilan-qurbağa yeyir. “Pəri cadu” haqqında yenə bir söz yazmırsan; yəqin ki, nə xahiş etdiyim yadından çıxıb. İndi gələrsən, yaxan keçər əlimə, səninlə dürüst hesablaşaram. Hələ səni maraqlandıran (türküsü interesovat edən) məsələdən yazım. Hal-hazırda Ruhulla burdadır, amma belə deyirlər ki, ayın iyirmisindən məzuniyyətə (otpuska) gedəcək; Məmmədzadə, Şahbazi həmçinin burdadırlar; Ağamalıoğlu Bakıda yoxdur və yaxın vaxtlarda da gəlməyi gözlənmir. Quzu İsmayılın harda qulluq etdiyini bilmirəm: yəqin Bakıda olar. Xülasə, əgər bu adamların hamısını görmək istəsən, gərək ayın iyirmisindən qabaq gələsən. Dünyanın işini bilmək olmaz – bəlkə mən də bir yana qaçmaq istədim. Bu günlərdə görüşəcəyimizi yəqin edib, uzun kağız yazmıram. Görüşərik, ağzımızı Allah yoluna qoyub, güc verərik əngə. Mənə qismət olsa, yenə istəyirəm Manqlis tərəfə gedəm. Tiflisdə Koqan cənablarıla görüşüb, ondan əksləri alıb, ona çetır qəpik də verməyəcəyəm. Xülasə, kağızımı müxtəsər edib, səni öpürəm... Bakıya gələndə evin adresini səhv düşməyəsən. Aziatski, 69. Qardaşın Əbdürrəhim B.T.Rzaquluya xüsusi məktub yazıram. Ə. 4 Qardaşım, əzizim, bir cüt gözüm! Qabaqca üzr istəyirəm; uzun kağız yazmaq əlimdən gəlmir, məktubun gəldi vüsul oldu. Cavabını vermək üçün Həzrət Adəmdən bir tarix başlamalıyam. Amma raviyanı əxbar... İyul ayının iyirmi səkkizində varid olduq Tiflisə. Haman günü qulluq “şərifinə” gəlib, qapını mərd qapısı kimi bağlı gördüm. Axşam Rzaqulunun evindən neçə telefon elədim, cavab gəlmədi. Sübh saat səkkizdən aftamabil gedənədək yenə neçə telefon elədim. Nəhayət, cavabına nail olmadım. Manqlisə çatandan təxminən İki həftə sonra Bakıya göndərdiyin məktub, dağları, daşları dolanıb, gəlib oraya çıxdı. Cavab yazmağa məna qalmadı, çünki Tiflis uşaqlarının dediklərinə görə cənab “şərifiniz” Anapada istirahətə məşğul idilər. Avqustun axırında Tiflisə gəlib yenə zat “şərifinizi” tapmadım. Gəldim Bakıya. Burada İndiyədək kağız yazmamağıma səbəb haman səbəbdir. Mən sənə heç bir məzəmmət yaza bilmərəm; öz günahını özün boynuna götür, deyirsən: “Boynum qıldır, qıldan da nazik”. Bununla belə, “Pəri-cadu”nun Tiflisdə çap olması üçün cidd-cəhd eləməlisən, xüsusən ki, Gürcüstan maarif komissarı mənim əsərlərimdən birisinin Tiflislə çap olunması xüsusunda Rzaqulu ilə söhbət eləmişdi. Mən burada çap olmuş əsərlərimdən Tiflisə heç bir kəsə göndərməmişəm, birini Mirzəli burada olan vaxt məndən aldı, birini də Əhməd Salahlı yenə buradan apardı. Səninçün əlbəttə göndərməyə borcluyam. Buna söz ola bilməz... Burada hər işlər qaydası ilə gedəcək. Mirzə Cəlil demiş, yaxşı olar... Buraya belə xəbər çıxıbdır ki, Tiflis aktyorları “Köhnə dudman”ı provalit eləyiblər. Əgər belə isə, əfsus etməlidir, çünki burada indiyədək beş dəfə müvəffəqiyyətlə oynanıb və hələ də oynanılacaq. Və ikinci hissəsi hazırlanmaqdadır. Rzaqulu deyir: “Proval sözü yalandır, bir də oynamağa hazırlaşırlar”. Sən də ki, bir söz yazmırsan. Amma necə ki, mənə məlumdur, heç biriniz əsəri səhnədə görməyibsiniz. Görəndən sonra yəqin yazacaqsan, buna əminəm... Hələlik görüşmək ümidilə əlini sıxıb dodaqlarından öpürəm. Əbdürrəhim Çox istərdim yanvar ayında bir həftəliyə Tiflisə gəlim. Rzaquluya dedim mənə bir komandirovka düzəltsin; deyir mümkündür. Allaha pənah. Xanımın salamını qəbul edəsən. Dost-aşnaya salam yetirəsən. Ə. 9.xıı. 27 5 Əzizim, qardaşım, oğlum, gülüm, bülbülüm, sünbülüm i t.d..! Neçə gün bundan əqdəm sənə bir məktub göndərmişdim. Yəqin alıb oxudun... Bir az zarafatı buraxıb seryozno danışaq. Bu gələn mart ayının 12- sində Mirzə Fətəlinin vəfatından tamam əlli sənə keçir. Burada xüsusi bir yubiley komisyonu təşkil olunub; komisyonun şöbələri Azərbaycanın qəzalarında da olacaq. Xülasə, bu günü çox təntənəli surətdə keçirtməyə hazırlaşırıq. Tiflis komisyonunun təşkili Zaktsiq katibi Tağıyevə həvalə olunub; o da bu gün ya sabah Tiflisə qayıdıb işə “şüru” edəcəkdir; yəqin də ki, “Bayramalısız toy olmaz”, – sən də iştirak edəcəksən. İndi bir iş var. Mirzə Fətəlinin nəvəsi Fətəlidə babasının arxivi var. Yoldaş Tağıyevin sözünə görə ona Ağamalıoğlu beş min rüblə təklif edib, o isə on beş minə qədər istəyir. Bu alış-verişdir, heç kəsə də dəxli yoxdur. Özləri barışarlar. Ancaq səndən xahişim budur, Rzaqulu ilə bahəm Fətəlini görüb, ondan xahiş edəsiniz ki, babasının mükəmməl tərcümeyi-halı yazılmaq üçün o arxivi bir həftənin müddətində mütaliə üçün mənə versin. Əgər razı olsa, mən yanvar tətilində bir həftəliyə, ya on günlüyə Tiflisə gəlib, sənin və Rzaqulunun köməyilə mühüm siriştələrdən surət alaram. Mirzə Fətəlinin mükəmməl tərcümeyi-halı, dost-aşna ilə əlaqəsi, irsal mərsulatının cəm olub ortalığa çıxması nəinki yubiley komisyonuna, bəlkə tamam insaniyyətə və tarixə lazımdır. Mən yəqin edirəm ki, Fətəli tək ziyalı bir oğlan bunu bizdən də yaxşı düşünür və mənim təklifimi də qəbul edəcək. Əsasən bir tərcümənəvis axtarmaq onun öz vəzifəsidir, vaxta ki, qıraqda öz səylərini, zəhmətlərini təklif edənlər var, gərək daha da məmnuniyyət ilə qəbul eləsin. Rzaqulu ilə söhbət elə, məsləhət olsa, mən Fətəlinin özünə də bir məktub bu xüsusda yazım. Xülaseyi-kəlam, mənim kağızıma gərək forən, başıvın yarısı tüklü, yarısı qırxılmış, əncam edib, mənə cavab verəsən. Daha hələ ki bu Tiflis aktyorlarına salam yetirib, deyəsən ki, bu gün üçün hazırlaşsınlar. Burada belə qərar qoyulub, təntənəli müsamirədən başqa, Nuxada və Bakıda Mirzə Fətəli üçün abidələr qoymaq. Bakıdakı teatr məktəbini Mirzə Fətəlinin adıyla adlandırmaq; Tiflis qəbiristanındakı qəbrini müntəzəm surətdə təmir etmək. Və əlavə sair xırda təzimat. ...Hələlik əlini sıxıb, dodaqlarından öpüb, sənə qardaşlıq salamımı göndərirəm. Əgər mənimlə bahəm Tiflisdə bir neçə gün keçirmək istəyirsən isə, kağızıma cəld cavab ver. Və Fətəlini yola gətirmək üçün tamam diplomatiyanı işə sal. Xanımdan sənə salam. Qardaşın Əbdürrəhim 18.XII.27, Bakı 6 Əziz qardaşım! Səndən dörd gözlə kağız gözlədiyimi bilə-bilə söz yazmırsan. Səbəbini də bilmirəm. Tağıyevin sənin sözünlə Teymur Hüseynova yazdığı məktub və göndərdiyi siyahı hələ gəlib çıxmamış. Belə görünür, mənim Tiflisə ezam olmağım qaldı ay batandan sonraya. Və bir də mənim işimi sən özün görürsən. Xahiş edirəm jurnalların nömrələrini qayda ilə mənə göndərəsən. Əlavə mənim üçün, sən əxz etdiyindən əlavə, Leninqraddan və Germaniyadan materiallar gələsidir. Bəradərim, sənə məlumdur ki, Bakıda və Nuxada Mirzə üçün abidələr qoyulasıdır. O da rəssama tapşırılıbdır. Rəssam bu saat ki, on birin yarısıdır və yatmağın da vaxtıdır, mənim yanımdan getdi. Ona Mirzənin böyük əksi lazımdır; xahiş edir ki, Mirzənin jurnalda olan əksinin dörd o boyda, ya bir az da çox böyüdüb göndərəsən. Mən də haman saat oturub, bu məktubu sənə yazıram. Əksin əslini verərsən Məşədi Koqana, o da onu bir yaxşı böyüdər. Bəşərti retuş vurmasın və mənim adıma nalojnıplatyoj göndərsin. Əks təcili surətdə gəlməlidir, çünki abidə gərək vaxtında hazır ola. Əlbəttə, bu xüsusda səy edərsən. Ayın iyirmi dördündə burada görüşəndə xüsusi rizaməndlik elərəm. Bizim xanımın sənə artıq duası var. Yatmaq vaxtıdır. Kağıza təfsil verməyib, dodaqlarından öpürəm. Qardaşın Əbdürrəhim 7 Əziz qardaşım Əziz! Sənin kağızın gələndə mən bəstərdə yatmaqda və məcburi istirahətdə idim. Tiflisdə beş gün yatdıqdan sonra gəlib Bakıda da dostaşnanın duasının bərəkətindən bir on gün yan yerə verdim. İndi daha kişi kimi işə gedirəm. Ancaq küçələrdə, səkilərdə nəmişlik görəndə ayaqlarım titrəyir. “İlan vuran ala qarğadan qorxar”. Fevralın iyirmi üçündə sübh saat yeddidə Tiflisə təşrif gətirəcəyəm. Ümidvaram ki, o vaxt nə qar olacaqdır, nə də mən yıxılacağam. Üç-dörd gün Tiflisdə qalıb, səninlə “qarın açmadan” söhbət eləmək niyyətindəyəm. Ola bilsin ki, arvadağa da bu dəfə, yolun bahalığına baxmayaraq, mənimlə bahəm təşrif gətirə... Sənin sözünlə gərək Bakıya gələydin. Görünür, bir məmaniət vaqe oldu, ya bəlkə ayın iyirmi üçünədək yenə gələsən. Buranın əhvalatını xəbər alsan, Bakı köhnə yerində öz qaydasilə durmaqdadır; qar yoxdur, az-maz yağış yağır; bəhərhal bahar qoxusu gəlməkdədir. Mən öz müəllimliyimdə varam. Deyəsən, oktyabrda istefa verəcəyəm; doğrudan da daha kifayətdir; kənara durub, gənclərə yol vermək lazımdır. Dünən imla qurultayı qapandı. Məşhur lisançı Abdulla Tağızadətoyuqların gülməsi gələn bir proje ilə ortalığa çıxdı. Məsələ uzundur, görüşdükdə təfsilən söhbət edərik. Mirzə Cəlilin, deyəsən “povestkası” gəlibdir. Gərək onun iflic olub Kislovodska getdiyini Tiflisdə sənə söylədim. Bu günlərdə görüşdük, gözümə yaxşı dəyməyir. “Molla Nəsrəddin”in iyirmi beş sənəlik yubileyinə çalışır. Təntənəli keçməsinə şəkk yoxdur. Mən də, sağlıq olsa, qırx illiyə çalışmalıyam. Əcəl aman versə, nail olaram... Sona xanıma dübarə salam yetirəsən. Arvadağanın sənə xüsusi ərzisalamı var. Mən də səni qucaqlayıb dodaqlarından öpürəm. Balaca Şərifləri həmçinin öpürəm. Məndən cəmi dost-aşnaya dua yetirəsən. Qardaşın Əbdürrəhim 8.ıı.31 8 Əziz qardaşım! Ərzi-salamdan sonra sentyabr ayının ortalarında Kislovodskdan gəlib Sona xanımın qardaşının vəfat xəbərini eşitdim və haman saat sənə və Sona xanıma bir təziyət məktubu göndərdim. Məktubumun çatdığı xəbərini almadımsa da, yenə çatdığına şəkkim yoxdur. Məni bir məsələ heyrətə salır: bir neçə gün bundan əqdəm Adil Hacızadə Tiflisə gedirdi. Ondan sənə salam göndərmişdim. İki gün irəli Hacızadə ilə görüşdüm və onun danışığından belə məlum oldu ki, sən oktyabr bayramlarında üç gün Bakıda olubsan və gəldiyini mənə xəbər verməyibsən. Mən bunun mənasını anlamıram. Ancaq anlamaq istərdim. Sən həmişə Bakıya gələndə birinci axtardığın mən olmuşam. Həmçinin mən Tiflisə gələndə birinci aradığım sən olursan. Bakıda qalıb, üç gündə bir dəfə də mənimlə görüşməməyindən belə anlaşılır ki, məndən rəncidə xatir olubsan. Bu rəncidə xatirliyin səbəbini bilsəydim, yaxşı olardı. Sən bunu yəqin et ki, mən səni qardaşdan, oğuldan artıq istəyirəm, ona görə bu keyfiyyət mənə çox təsir edir. Əlbəttə, bu məktub sənə çatan kimi, mənə cavab yazıb, məni şəkdən çıxarasan. Səni və balacaları öpüb məktubun cavabını gözləyirəm. Qardaşın Əbdürrəhim 18.xı.31 9 Əziz qardaşım! Kağızını neçə vaxtdır almışam. İndiyədək cavab yazmadığıma iki səbəb var. Birisi Tiflisə gəlmək imkanı, dekabrın iyirmisindən sonra Tiflisdə dram cəmiyyətlərinin iclası olmalı idi. Xəyal etdim ki, görüşərik, müfəssəl söhbət edərik. Lakin Tiflis səfəri gecikdi. Qaldı yanvarın axırına ya fevralın əvvəllərinə. İkinci səbəbi psixoloji bir səbəbdir, kağızın mənə bir növ təsirindən nə yazmağı da bilmirdim: insanda hərdən belə bir halət olur ki, “adın nədir?” sualına cavab verə bilmir, kağızın məndə və Yevgeniya Osipovnada belə bir halət oyatdı. Çox fikirlər, çox gümanlar etdik. Fikrimiz bir yana gedib çıxmadı... ...Tiflisə gəldikdə müfəssəl söhbət edərik: bəlkə Yevgeniya Osipovna da mənimlə gəldi. Mən səni güldən pak bir vücud hesab edirəm və yəqin etmişəm ki, təqsir sən tərəfdən deyil... Xülasə, axırı xeyir olsun. Bir az Bakı işlərindən söhbət edək. Oktyabrın əvvəlində Bakıda “Azərbaycan şura yazıçıları ittifaqı”nı axırı ki, düzəltdik: İki il dava çəkdikdən sonra müvəffəq olduq. Mən də orada məsul katibəm; deyirlər məvacib verəcəklər; hələlik bir şey görsənmir. Lazım olan qədər işləyirik. Evdə ovqatım xeyli təngə keçir; budur tamam bir aydır ki, xanımın bacısı xəstə yatır; gecə-gündüz ona məşğuluq. Yazıq Yevgeniya Osipovna bilmərrə əldən-ayaqdan düşüb, bir dəqiqə rahatlığı yoxdur. Özüm köhnə qayda “darülcünuna” gedib-gəlirəm. Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə “xalq ədibi” namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəyəm. Yubiley məsələsini qaldırmaq istəyirəm. Fəqət ləqəb haqqında Bünyadzadə ilə danışacağam. Onun tərəfindən mən həmişə hüsntəvəccöh görürəm. Bu təqaüd məsələsi baş tutsa Tiflisə köçüb orada yaşamağa niyyətim var. Yəqin orada bir müxtəsər, yüngül iş də özüm üçün taparam. (Bu yerdə telefon səsi məni dayandırdı, telefonla bu gün üçdə Mirzə Cəlil Məmmədquluzadənin vəfatını xəbər verdilər; dəfni ayın altısında saat on birə təyin olunubdur. Köhnə qvardiya yavaş-yavaş getmək üzrədir. Oçeredimizi gözləyək). May ayında türk işçisi teatrosu məndən bir pyes xahiş etdi. Mən də “Cəhənnəm məktubları”nın axırındakı hekayəti pyes şəklinə salıb onlara verdim. Nəhayət, teatro bu əsərin qoyulmasını gələn sənəyə atdı. Səbəbini soruşmaq mənə mümkün olmadı. Çünki Seyfi mənimlə görüşməkdən aydın qaçdı. Hər mən teatroya gəldikdə “Seyfi burada idi, bu saat getdi” sözünü eşitdim. Bunu görəndən sonra teatrodan ayaq çəkdim. Amma pyesa yaman deyil. Tiflisə gələndə özümlə gətirrəm, birlikdə oxuyarıq. Beləliklə, sənə yazmalı eylə bir maraqlı əhval yoxdur. Hava yaxşı keçir, oduna ehtiyac görünməyir... Bakıya gəlmək xəyalın varmı? Balacalar səlamətdirlərmi?! Mənim ağzımla onları öpəsən. Anan gəlibsə, məndən ona ərzi-səlam. Dost-aşnanın hamısına məndən salam yetirəsən. Baqi, əlini sıxıb səni öpürəm. Yevgeniya Osipovnanın sənə salamı var. Qardaşın Əbdürrəhim 4.I.32 10 Əziz və gözəl qardaşım! Budur neçə vaxtdır, nə məndən sənə, nə səndən mənə bir məktub yoxdur. Səbəbi tənbəllik, vaxt yoxluğu deyil. Budur iki aydır mən Tiflisə gəlməyə vaxt arayıram; gah aprelin üçündə, gah on səkkizində, gah axırında gəlməyə hazırlaşırdım. Tiflisdə bir-iki mühüm məsələni həll etmək lazımdır. Deyirdim “həm ticarət, həm ziyarət”. İndi mayın onuncu gününə məni Tiflisə plenuma çağırırlar. Mayın da on birində bizim bədaye teatromuzun on sənəliyini bayram edəcəklər; ona görə bəlkə mayın on üçünə özümü Tiflisə yetirəm, “və ilahü-ələm!” O da qorxuram mümkün olmaya. İndi özümdən bir neçə söz. Yevgeniya Osipovnanın bacısı bir ay iyirmi gün xəstə yatdıqdan sonra vəfat etdi; fevral ayının birində aparıb dəfn etdik. O gündən bizim halətimizdə bir növ süstlük var. Yevgeniya Osipovna İndiyədək nə kino, nə teatroya getməyib, tez-tez ağlayır; mənim də ovqatım, söz yox, təlx olur. Olqa Osipovna doğrudan da bir yaxşı, “dilsiz, ağızsız” adam idi. May ayının üçüncü günü Yevgeniya Osipovnanı türk teatrosuna aparacağam. Həmin gün mənim qırx sənəliyim münasibətilə bir müxtəsər müsamirə olacaqdır. Üç pərdə “Pəri cadu”dan və sonra da konsert olacaqdır. Yubiley dəstgahını, təntənəsini və dəbdəbəsini mən qəbul etməyib, bu günün yüngül bir surətdə keçməsini xahiş etdim. Ümid ki, yaman olmayacaq. O günü səni görməyi ürəkdən arzu edirəm. Vaxtın var isə, bir günlüyə Bakıya gəl. İki gün əqdəm Bünyadzadənin yanındayam. Mənə çox vədlər verdi və yaxşı təqaüd təyininə söz verdi. Həqiqət, yaxşı təmin olsa, oktyabrın birindən istefa verib, istirahətə çəkiləcəyəm. Daha kifayətdir. Darülfünunda dörd ətrafım cavan müəllimlərdir; mən onların arasında qoyun sürüsünə dəvə girmiş kimi görünürəm; baxıram, fikir edirəm, doğrudan da daha qulluq yaraşmır. Görüşərik, müfəssəl söhbət edərik. Qulluğun vaxtıdır, gərək bu saat gedəm. Ona görə kağızımı qurtarıb, səni və balacaları öpürəm. Yevgeniya Osipovnanın salamı var. Dost-aşnaya salam yetir. Qardaşın Əbdürrəhim 28.ıv.32 * * * Müxtəsər tərcümeyi-halım 1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı. Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı. 1890-cı sənədə Şuşa realni məktəbinin altı sinfini bitirib, Tiflis realni məktəbinin yeddinci sinfinə keçdim. Mükəmməl dram teatrosu nə olduğunu mən ancaq Tiflisdə anladım. Tiflisdə təhsil edərkən “Nahaq qan” sərlövhəli bir faciəni ruscadan türkcəyə tərcümə etdim. Bu tərcümənin, təəssüflər olsun, iki axırıncı pərdələrini qeyb etmişəm. Üç pərdəsi isə hal-hazırda əlimdədir. 1891-ci sənədə Tiflis realni məktəbini bitirib ali təhsil üçün Peterburqa getdim. O vaxt Aleksandrin teatrosunun ən parlaq vaxtı idi. Bu teatronun Savina, Komissarjevskaya, Davıdov, Varlamov, Pisarev, Dalski, Dalmatov kimi zinətləri var idi. Aleksandrin teatrosu məni tamam cəlb etdi. Hər həftə azından bir dəfə teatroya gedərdim. Bəzi həftə İki-üç dəfə teatro məni çəkirdi. Bu teatronun təsiri altında 1892-ci sənənin yanvar-fevral aylarında “Yeyərsən qaz ətini, görərsən ləzzətini” sərlövhəli komediyamı yazdım və ədəbiyyat meydanına qədəm qoymamı da haman tarixdən hesab edirəm ki, İndi tamam otuz beş sənədir. İkinci əsərim “Dağılan tifaq” həmçinin Peterburqda yazılıbdır. Peterburqda qabaqca yollar institutuna girib, sonra darülfünuna keçib, müstəme sifətilə Şərq fakültəsini bitirdim. 1899-cu sənədə Qafqaza odət edib, burada ədəbiyyat və müəllimliyə məşğul oldum. 1901-dən 1904-cü sənənin may ayınadək Bakıda müəllimlik edib və haman ayda Şuşa şəhər idarəsinə üzv intixab olunub, vətənə qayıtdım. Bakıda olduğum zaman oynanılan türk teatrolarının hamısının rejissorluğu mənimlə olub. “Bəxtsiz cavan” və “Pəri cadu” sərlövhəli əsərlərim də o vaxtlar Bakıda yazılıb. 1906-cı sənədə birinci Dövlət dumasına Gəncə quberniyası tərəfindən nümayəndə göndərildim. Duma dağıdıldıqdan sonra, dörd ay Peterburqda qalıb, dövlət kitabxanasında “Ağa Məhəmməd şah Qacar” üçün material cəm etdim. Və Qafqaza gələndən sonra onu yazıb tamam etdim. Peterburqdan birbaşa Tiflisə gəlib, “Molla Nəsrəddin” müdiri Məmmədquluzadə ilə tanış olub, müşarileyhin təklifinə görə “Molla Nəsrəddin”də felyetonlar yazmağa başladım. Bu ildən başlamış ta 1913-cü sənəyədək Qafqazın hər yerini, Türküstanı və İranı səyahət etdim. Və bu səyahətimdə Mazandaranda bir neçə vaxt qalıb “Ağa Məhəmməd şah” üçün material topladım. 1913-cü sənədə Ağdama köçüb, 1916-cı ilədək orada qalıb, haman ilin axırında Tiflisə gedib, şəhərlər ittifaqının Qafqaz şöbəsinə xidmətə girdim və burada şöbə əxbarının müdirlik vəzifəsi mənə tapşırıldı. Fevral inqilabından sonra Borçalı qəzasına komissar intixab olunub, Şulaverə getdim. Burada bir sənə üç ay qaldıqdan sonra idarələrin milliləşdirilməsindən dolayı çıxıb Tiflisə gəldim və burada Gürcüstan türklərinin milli şurası tərəfindən Gürcüstan parlamanına üzv seçildim. Dinləyici 1919-cu sənənin fevral ayında Azərbaycana çağırılıb nümayəndə sifətində qabaqca Dağıstana, sonra Ermənistana göndərildim. Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra hökumət teatrosuna komissar təyin olundum və bir azdan sonra sənayei-nəfisə şöbəsi müdirliyi öhdəmə verildi. 1921-ci sənənin noyabr ayından İndiyədək Azərbaycan darülfünunda Azərbaycan ədəbiyyatı tarixini tədris etməkdəyəm. Yazdığım əsərlər: “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”. Xırda əsərlərim; “Millət dostları”, “Mirzə Fətəli Axundov”, “Ac həriflər”, “Kimdir müqəssir”. İnqilabi əsərlərim: “Padşahın məhəbbəti”, “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Vaveyla”, “Qırmızı qarı”, “Altun öküz”. Tərcümələrim: “Hamlet”, “Qəzavat”, “Yəhudilər”, “Pepo”. İşlədiyim jurnal və qəzetlər: “Molla Nəsrəddin”, “Zənbur”, “Həyat”, “Tazə həyat”, “İrşad”, “Yeni irşad”, “Tərəqqi”, “Açıq söz”. * * * Tərcümeyi-halım Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu. 1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı. 1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denİkinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim xətti-hərəkətim hökumətin xətt-hərəkətinə müğayir gəldikdən və Xanxoyski ilə uzunuzadı mübahisədən sonra istefa verdim. Azərbaycan şuralaşdıqda bir ay xariciyyə komissarlığında qalıb, sonra maarif komissarlığına keçdim və burada hökumət teatrolarına komissar təyin olundum. Sonra bu vəzifədə qalaraq incəsənət şöbəsinin teatro nimşöbəsinə müdir və axırda incəsənət şöbəsi müdirliyinə keçirildim. 1912-ci sənədə incəsənət şöbəsində keçirilən təbəddülatdan dolayı çıxıb, Azərbaycan darülfünununa Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olundum. Bu vəzifəni on sənə daşıdım. İndi isə tibb institutunda qeyri-azərbaycanlılara Azərbaycan dili dərsi deyirəm. Mən hərçəndi ədəbiyyat sahəsində çalışmamı 1892-ci sənədən hesab edirəm, ancaq birinci qələm alıb yazmaya məşğul olmağım ondan çox qabaqdır. Realni məktəbdə ikən, 1887-ci sənədə Krılovun təmsillərindən neçəsini şeirlə Azərbaycan dilinə tərcümə etmişəm. Birinci əsərim olduğundan qüsuratını əfv olunmasının rica edirəm. At və eşşək İttifaq düşmüşdü atın yanında Bir eşşək gedirdi bir karvanda. Kişnəyərək at gedirdi keyfi kök, Çünki heç yox idi onun üstə yük. Az qalırdı çıxa eşşəyin canı, Çox yükləmiş idi çünki heyvanı. Yalvardı o ata, dedi: ay qardaş, Biz İkimiz varıq bu yolda yoldaş, Yükdən gəl sən bircə xırda şey götür. Rəhm et kömək əlini mənə yetir. Cavab verdi, at söylədi: ay axmaq, Məgər çətİndi sənə bunu qanmaq Ki, mən özüm nəcib atlardan olam, Belimə eşşəyin yükünü alam? Bir az getdi, eşşək yıxılıb öldü, Nəcib at o vədə öz işin bildi. Eşşəyin yükünü götürdü bütün, Dərisin də aldı üstünə yükün. Yuxarıda söylədim, xırda tərcümələr edirdimsə, teatro ədəbiyyatı və teatro yolunda işləmək büsbütün mənim həvəsimi cəlb etmişdi. Birinci teatronu mən Şuşada 1883-cü sənədə gördüm. Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı oynanırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin kitabını tapıb oxumağa başladım. Hətta “Hacı Daşdəmir” adlı komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb, aparıb müəllim Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu “pyesamı” bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm. İkinci əsərim “Nahaq qan” sərlövhəli bir dramdır. Bunu 1891-ci sənədə Tiflisdə yazmışam. Bu beş pərdəli əsərin İki pərdəsini qeyb etmişəm, üç pərdəsi İndi də əlimdədir. 1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kaminə çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə İki dəfə gedirdim. Teatro ucuz idi. Otuz İki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu. Aleksandrinski teatrosunun mənə böyük təsiri oldu. Bu təsir sayəsində Peterburqda İki əsər yazdım: “Yeyərsən qaz ətini” və “Dağılan tifaq”. “Dağılan tifaq”da həm Ostrovskinin və həm də Şekspirin təsirlərini görmək mümkündür. “Yeyərsən qaz ətini” komediyası 1892-ci sənədə, fevralın 15-ci günündə; “Dağılan tifaq” isə 1896-cı ildə tamam olunub, Peterburq şəhərində çap olunubdur və çap xərcini Peterburq sərvətdarlarından alim Mirzə Maxsudov öhdəsinə götürdü. Haman əsər 1907-ci sənədə mart ayında birinci dəfə olaraq Bakıda tamaşaya qoyuldu. 1895-1896-cı sənələrdə Avropa ədəbiyyatında simvolizm üsulu modaya düşdü. Birinci dəfə Hautmanın “Qərq olmuş Naqos” əsəri rus dilində Peterburqda oynandı. O gündən simvolizmə aşiq olub, İndi də ayrıla bilmirəm. Simvolizm üsulu təsiri altında 1901-ci ildə Bakıda “Pəri cadu” əsərini yazmışam. “Pəri cadu”nun ideyası tamamilə Meterlinqin “Abı quş” əsərinin ideyasıdır. Ancaq bunu bilməlidir ki, “Abı quş”, “Pəri cadu”dan yeddi sənə sonra yazılmış. “Pəri cadu” dan bir sənə əvvəl, 1900-cü sənədə “Bəxtsiz cavan”ı yazdım və həmin sənədə də Şuşa səhnəsində tamaşaya qoydum. O sənədən inqilabadək Qarabağ bəylərinin və sərvətdarlarının boykotu altında yaşadım. 1907-ci sənədə Iran səyahətindən sonra “Ağa Məhəmməd şah” faciəsini yazdım. Burada heç bir kənar təsir yoxdur. Haman ildə artist Ərəblinskinin xahişinə binaən üç əsər tərcümə etdim: “Qəzavat”, “Yəhudilər”, “Soltan Osman”. 1907-ci ilin ibtidasından başlayaraq “Molla Nəsrəddin” məcmuəsində felyetonlar yazmağa başlayıb, 1927-ci ilədək işləmişəm. Yazdığım felyetonlar “Cəhənnəm məktubları”, “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi”nin birinci hissəsi və Həkiminuni-səqir imzalı ictimai məqalələr. “Ağa Məhəmməd şah”dan qabaq və ondan sonra inqilabadək xırda komediyalar yazmışam: “Millət dostları”, “Kimdir müqəssir”, “Ac həriflər”, “Mirzə Fətəli Axundov”. Əlavə bu illərdə Şekspirin “Hamlet” əsərini və Sundukyanın “Pepo” komediyasını tərcümə etmişəm. Inqilabdan sonra yazdığım əsərlər: “Ağac kölgəsində”, “Vaveyla”, “Ədalət qapıları”, “Padşahın məhəbbəti”, “Soltan sərvət”, “Qırmızı qarı”, “Altun öküz”, “Yeni dərman”, “Köhnə dudman” (1927), “Baba yurdunda” (1927), “Kamran” (1931), “Yoldaş Koroğlu” (1932). Çocuqlar üçün: “Sağsağan” (1931), “Çox gözəl” (1932). Bu əsərlərin çoxusu tənqid-təbliğ teatrosunun səhnəsində oynanırdı. Pyeslərdən əlavə xeyli hekayələr də yazmışam. Hal-hazırda on beş hekayə Azərinəşrə verilmiş. Yuxarıda göstərdiyimdən əlavə Azərnəşrin sifarişi üzrə neçə kitab tərcümə etmişəm. Məsələn: “Bolşeviklər”, “Qazmaçılar”, Çexovdan on üç hekayə, Maksim Qorkidən beş hekayə. 1923-cü sənədə Xalq Maarif Komissarlığının tapşırmasına binaən “Lakme” operasını tərcümə etmişəm. Bu sənədə Mailyan tərəfindən yazılmış “Səfa” operasını tərcümə etmişəm. Ədəbi fəaliyyətimi yazdıqdan sonra inqilab zamanı daşıdığım ictimai vəzifələri də göstərməliyəm: Azərbaycan darülfünunda yerli komitə sədri (1922), Azərbaycan tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925), Şərq fakültəsinin katibi (1922- 1925), Şura yazıçılar ittifaqının məsul katibi (1931-1932). Otuz beş sənə ədəbi fəaliyyətimdən dolayı 1928-ci sənədə incəsənət fəalı ləqəbinə nail olmuşam. * * * Kitabxana.az · https://kitabxana.az/authors/haqverdiyev İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.