Firidun bəy Köçərli. Əsərləri Firidun bəy Köçərli (1863–1920) == Azərbaycan ədəbiyyatı == Əbülüla Gəncəvi Şüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur. Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir. Rəvayət olunur, vəqta ki, Xaqani şahın hüzurunda hörmət və şöhrət kəsb edib sahibi-nüfuz oldu, öz ustadı və qaynatası Əbülülaya başladı kibrü qürur izhar etməyə və hətta onun şəninə layiq olmayan həcvlər inşa elədi. Haqqı batil edən şagirdin belə rəftarından ustadı mükəddər oldu və bir neçə qitə həcvlər o da Xaqaninin haqqında yazdı: Xaqaniya, əgərçe soxən nik daniya. Yek noqte quyəmət beşno rayqaniya: Həcve-kəsi məkon ke, ze to məh bovəd besen, Şayəd ke, u pedər bevədo to nədaniya. [1] [1] Tərcüməsi: Ey Xaqani, sözü yaxşı başa düşdüyündən Gəl, sənə incə bir söz deyim, müftəcəsinə eşit: O kəs ki, yaşda səndən böyükdür, onu həçv eləmə, Ola bilər ki, o sənin atan olsun və sən bilməyəsən. HECA Mən an dəm ke, əz madər dəhr zadəm, Befəzlo honər dər cahən ostadəm. Məra şəst saləst kəz xake-İran, Bovəd şanədəh ta be Şirvan fetadəm. Ço pire-zəifəm sənaquye xosrov, Nəquyəm ke, Keyxosrovo Keyqobadəm. To ey Əfzələddin, əgər rasta porsi, Becane-əzizət ke əz to naşadəm. To xod qorrətol-eyno fərzənde-mai, Mənət həm pedər xande həm ostadəm. Ço rəğbət nəmudi beşagerdiye-mən, Beto tohfe əz vəslevo sim dadəm. Kəmərəra betəlime-şəfqət bebəstəm, Zəbane-to bər şaeri bərqoşadəm. Ço şaer şodi bər dəmət pişe-xaqan, Be Xaqaniyət həm ləqəb bərnəhadəm. To hər dəm bemən mən çe cuşi ço atəş, Nə to abo atəş nə mən xako badəm. [2] [2] Tərcüməsi: Dünyanın anası məni doğan andan Öz fəzlim və hünərimlə dünyada ustadam. İndi altmış yaşım var, İran torpağından Şirvana gələndə isə on altı yaşım vardı. Demirəm ki, Keyxosrov və ya Keyqubadam, Hökmdarı tərifləyən qoça bir kişiyəm. Ey Əfzələddin, əgər düzünü soruşsan, Sənin əziz canın üçün səndən narazıyam. Sən bizim gözümüzün işıqısan, övladımızsan, Sən məni həm ata, həm də ustad çağırmısan. Elə ki, mənim şagirdim olmağa meyl göstərdin, Sənə qızıl və gümüş hədiyyə elədim. Sənin təlimində şəfqət kəməri bağladım, Sənin dilini şairliyə açdım. Elə ki, şair oldun, səni xaqanın yanına apardım, Sənə "Xaqani" ləqəbini qoydum. Sən ki, tez-tez mənim üstümə od kimi coşursan, Nə sən su və odsan, nə də mən torpaq və küləyəm. Əgərçi Hacı Lütfəli bəy ibn Xaqan Azəri "Atəşkədə"sində Əbülülaya "Gəncəvi" deyib, onu Gəncə əhalisindən hesab eləyir, vəli şairin öz kəlamından anlaşılan budur ki, onun əsli iranlıdır. On altı il olur ki, Şirvanzəminə varid olub, burada sükunət ixtiyar edib, namü şöhrət kəsb etmişdir. Məlum olsun ki, o vaxtları Zaqafqaziyanın tərəfi-şərqisində olan vilayətlərin əksəri Şirvan şahlarına tabe olmağa görə, şair Gəncəni dəxi Şirvan ismi ilə zikr edibdir. Əbülülanın əslən iranlı olmağına bu şeri dəlalət edir: Mara şəst saləst kəz xake-İran Bovəd şanzdəh ta be Şirvan fetadəm. * * * Əlişir Nəvai Əmir Nizaməddin Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur. Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası: Beyt Vəfa bustanın dastansərayi Mələmət bülbüli, yəni Nəvai Qüfranüllah zünubühu andaq ərz qılır kim, şol caq kim, Xorasan təxti gurganlıq dəvacı belə zinətəfzay və gurgan fərqi cəhanbanlıq tacı bilə fələkfərsay irdi, ömrüm şəbistanı şəbab şamları nuridin münəvvər və həyatım gülüstanı yigitlik gülləri ətridin müəttər irdi. Sinn müqtəzasidin təbiətğə həva qalib, həva qələbəsidin təbiət ləhvğə talib irdi. Köngülakim çakidin köksümdaki əski tuganlar bir-bir əyan və kugragimdaki kisgan yanqi əlflaridin köngülagim xət-xət qan. Mudam mey rəğbəti köngülga məhbub və həmişə məhbub ülfəti xatirimğə mərğub. Canım eşq badəsidin məst və köngülüm badeyi-eşqdin meypərəst irdi: Bulmasa aləmdə gülrux, saqi, əhvalım xərab, Yox isə saqidə gülgun cami-mey, bağrım kəbab. Az vəqtdə badə seylidin huşü əqlim evi yıkıldı və eşq bərqi səlahü afiyətim xərmənin kül qıldı". Vəqta ki, Sultan Hüseyn Bayqara--Nəvainin məktəb yoldaşı Heratda təxti-səltənətdə əyləşdi, Əlişirin sorağına düşüb və hər yerdə onu axtarıb Səmərqənddə sorağını aldı. [Əlişir] sultanın dəvətini qəbul edib, Səmərqənddən Herata gəldi. Şəhərə daxil olan zamanı Sultan Hüseyn tərəfindən artıq cəlal və təntənə ilə istiqbal olunub, onun lütfü ehsanına nail olmuşdur. Sultan əvvəlcə Əlişiri möhürdarlıq xidmətinə təyin edib, sonradan özünə vəziri-əzəm etmişdir. Bilmək gərəkdir ki, Sultan Hüseyn xan alim və adil, rəiyyətpərvər, üləma, ürəfa sinfini dost tutan, xoşəhval və həmidəxisal bir padşah idi. Bu zati-şərifin təbi-şeriyyəsi dəxi var imiş. Amma bundan maəda ziyadə dəqiq, nazikanlayan və fünuni-şer və ədəbiyyatda qabil və mahir bir vücud imiş. Belə ki, fünuni-şerdə sultanın bir dərəcədə ittilaatı var imiş ki, Nəvai kimi müqtədir şairin əsərlərində müşahidə olunan qüsuru təshih qılarmış, necə ki, bu qövlə şair özü şəhadət verib deyir: "Vəqta ki, məcalisdə bəzi əbyatım məzkur və məhafildə bəzi qəzəliyyatım məstur bolur irdi, gahi ibarətim qüsurdin, təğyir bermak birlə nöqsandin müərra qılur irdi. Bəzi beytimdin bir az namünasib ləfzni çıxarıb bir dəstə şibh içrə bir dürri-şahvar tartqandik bir az ləfz gitürür irdi və bəzi qəzəlimdin bir az nəhəncar beytğə xətt urub pozuq bir dəşt içrə bir qəsri-zərringar yasağandik bir az beytğə dəxl büruz irdi. Bu aşüftə əbyatımda ol xətt və bu pərişan qəzəliyyatımda ol beyt: Xara arasında irdi gövhər yanlıq, Ya güllər içində irdi əxkər yanlıq, Yaxud tikən içrə güli-əhmər yanlıq, Bəlkəm tən ara ruhi-müsəvvər yanlıq. Çün bu beytlər eyvanı ola, islahlar nəqşü nigaridin rəşki-nigarxanöyi-Çin və bu qəzəllər bustanı ol ehtimamlar bəharidin qeyrəti-xüldi-bərin bola, başladı sahibnəzərlər göziga məhbubraq və əhli-dillər könliga mərğubraq bolub hörməti qayətdin ötdü və şöhrəti nəhayətdin keçdi". Əlişir öhdəsinə götürdüyü ümuri-vəzarəti ləyaqətincə icra edib, asudə vaxtlarını gah mütaliə ilə və gah təlimi-kitab və tənzimi-əşar ilə keçirirdi. Həmə vəqt dairəsi məcməi-üləma və füzəla idi. Ədib və şairlərə və cümlə ərbabi-elm və sənətə ənam və ehsan qapısı açıq idi. Bu halla maarif və sənayenin tərəqqisinə çox xidmətlər etmişdir. Bu zati-alihimmət bir müddətdən sonra mənsəbi-vəzarətdən əl çəkib və məmuriyyəti-siyasiyyədən istefa edib, Heratda guşənişinlik ixtiyar etmişdir. Bu hal üzrə bir neçə vaxt ömür edib, tarixi-hicriyyənin 906-cı ilində haman şəhərdə vəfat etmişdir. Əlişir Nəvai yalqız şair olmayıb, danişmənd və həkimi-nadir bir vücud imiş. Ondan əvvəl cığatay türklərinin şivəsində kimsə o lətafət və mətanətdə əşar yazmadığı kimi, ondan sonra dəxi bu dildə elə lətif, abdar və xoşgüvar şer və qəzəllər yazılmamışdır. Filcümlə, asari-nəfisələri xeyli qiymətdardır. Əlişirin xeyir yadigarlığı və ehsanatı dəxi çox olubdur; neçə-neçə mədrəsələr və əbniyeyi-xeyriyyə binasına müvəffəq olmuşdur. Böyük və mükəmməl bir kütübxanası var imiş ki, elm və mərifətə şövqü həvəsi olanlara həmişə onun qapısını açıq tutarmış. Əlişir Nəvainin türk dilində olan bərgüzidə əsərləri bunlardır: "Məcalisün-nəfayis", "Mühakimətul-lüğəteyn", "Heyrəti-ibraz", "Məhbubül-qülub", "Fərhad və Şirin", "Leyli və Məcnun," "Səddi-İskəndər", "Səbeyi-səyyarə", "Siracül-müslimin", "Lisanüt-teyr", "Halati-pəhlivani-Əbusəid", "Əruzi-türki", "Təvarix və qafiyə", "Müfrədat dər fənni-müəmma", "Münşəati-türki", "Qisseyi-Şeyx Sənan", "Xəmsətül-mütəhəyyirin" və qeyri. Bundan əlavə "Nəzmül-cəvahir" adlı bir kitab fars dilində təhrir etmişdir. Əlişirin təxəllüsü türkcə "Nəvai" və farsca "Fani" olubdur. Mərhumun əşarından nümunə olaraq izzəti-nəfs və qənaətkarlıq barəsində yazdığı beytdir: Həqdin əzizliq tilasin eldin üz təmə Kim, xəlqnin əzizi demiş: "İzzə min qənəə". Yəni ey Nəvai, əgər həqqdən əzizlik təmənna edərsən, xalqdan təməini kəsgilən. Necə kim, xalqın əzizi fəxri-kainat həzrətləri hədisi-şərifində buyurubdur: "İzəə min qənəə, zillə min təməə"--yəni qənaətkar əziz və tamahkar zəlildir. Nəvainin musiqi elmində artıq məharəti olub. O fənnə eşq və zövqü nə rütbədə olduğu bu beytindən anlaşılır: Kamança tari-zülfün vəsfini min til ilə söylər, Deyil qövlü zəif anın əgərçi qil ilə söylər. Əlişir üç-dörd yüz il bundan əqdəm söylədiyi bu aşağıdakı beytin məzmunu əsrimizdə rəvac tapmış ədl və müsafat əfkari-hürriyyətkaranəsinə xeyli münasibdir: Deyr içrə yox sifal ilə altun qədəhdə fərq, Şahu gədan bir oldu, əcəb karxanədir. Bu aləmdə cahü cəlal puç və fani olub, ancaq yaxşılıq bati qalacağından bəhs etdikdə deyir: İrür çün aləm içrə cah fani, yaxşı ad baqi, Sin el kamin rəva eylə özüni kamran görkəc. Yəni sən kamran və sahibi-iqtidar olduğun halda "el kamın", fəqirlər ehtiyacın, üftadələr təmənnasın rəva elə və bu yoxsullara himayət qıl, çünki dünyada cümlə cah və cəlal fani olub, yaxşı ad baqi qalacaqdır. Nəvai ondan fünuni-şerdə və xüsusən qəzəlguluqda şüəradan hansının artıq ustad və mahir olduğunu sual edənlərə bu əbyat ilə cavab vermişdi: Qəzəldə üç kişi tövridir ol növ-- Ki, ondan yaxşı yox nəzm ehtimali. Biri möcüzbəyanlıq "Sahiri-hind"-- Ki, eşq əhlini urtar suzi-hali. Biri qüdsi əsərliq "Arifi-cam"-- Ki, cami-Cəm dürər sınğan sifali. Biri İsa nəfəsliq "Rindi-Şiraz", Fəna dəhriğə məstü laübali. Nəvai nəzmğə baxsan yəmasdır, Bu üçnün haldin bir beyti xali. Sanasin güzgüdür ki, əks salmış Ona üç şuxü məhvəşnin cəmali. Yəni qəzəldə üç kişi elə mahirdirlər ki, onlardan yaxşı daha nəzm-şer yazmaq ehtimal etmək olmaz. Onlardan biri "Sahiri-hindi", yəni Nasir Xosrov Dəhləvidir, o birisi "Arifi-cam", yəni Molla Əbdürrəhman Camidir və üçüncüsü "Rindi-Şiraz", yəni Xacə-Hafiz Şirazidir. Amma Nəvanini öz nəzminə baxsaq, bu üç şairnn halından Nəvainin bir beyti xali deyildir. Belə ki, Nəvainin beytləri sanki bir güzgüdür və ona bu üç şux məhvəşin camalının əksi düşmüşdür. Burada Nəvai demək istəyir ki, onun əşarına diqqət olunsa, üç şairi züliqtidarın ruhlarını onun kəlamının içində görmək olur. Nəvai özgə bir məhəldə bu möhtərəm kəlam ustadlarının ismi-şəriflərini lisani-bəlağətşüarı ilə belə yad edir: "Əmma əşar tədvin qılğanlardin bəzi kim, bəqa mülkidə fanidurlar və bəzi kim, hala fəna deyridə baqidurlar, əvvəlqi zümrədin bavücud dərd pişəsinin qəzənfəri və eşq atəşgahının səməndəri, mədəni-cavahiri-mənəvi Əmir Xosrov Dəhləvi və fəna meyxanəsinin rindi-xirqəçaki və bəla peymanəsinin məsti-bibaki və eşqü məhəbbət əsrari əminlərinin həmrazi Xacə Hafizi-Şirazi və sonku firqə din şəbistanının şəmi-ənvəri və üns gülüstanının əndəlibi-süxənvəri və bəlağət şəkkəristanının tutiyi-şirin-kəlami cənabi-məxdumi Mövlana Əbdürrəhman Cami məddəllah təala zülali-irşadə ila müfariqul-talibin divanları aradə bolğay…." Nəvainin bu təhriratından məlum olur ki, Mövlana Əbdürrəhman Cami əleyhirrəhmə onun müasiri olubdur. "Qamusül-əlam" sahibi Sami bəyin yazmağına görə, mərhum Əlişir Nəvaninin əsərlərindən "Mühakimətül-lüğəteyn" fars ilə türk lisanı arasında ədibanə və adilanə bir mühakimədən ibarət əsərdir ki, bunda türk lisanının fars lisanından daha da zəngin və daha da mükəmməl olduğu isbat olunur. Belə olan surətdə, əlbəttə, mərhumun bu əsəri biz türklər üçün ən lazımlı və qiymətli bir kitabdır. Amma heyfa ki, nüsxəsi nadir olduğundan çətinlik ilə ələ gəlir. Əlişir Nəvainin, necə ki, yuxarıda zikr olundu, bizim Azərbaycan şüəralarına artıq dərəcədə təsiri olubdur və hətta onlardan bəzi Nəvainin əşarü kəlamına və lisani-möcüzbəyanına o qədər meyl və rəğbət göstəriblər ki, özləri də cığatay türklərinin lisanında şer və qəzəl deməyə və Nəvaiyə nəzirə yazmağa mötad olublar. Onlardan məşhuru Qarabağda Abdulla bəy Asi, Həsən Qara Hadi və Mirzə Əliəsğər Novrəs, Şamaxıda mərhum Hacı Seyid Əzim, Qazaxda Kazım ağa Salik, Dərbənddə Mirzə Cəbrayıl Süpehri və qeyriləridir. Mərhum Abdulla bəy Asinin cığatay dilində elə dilpəzir qəzəlləri vardır ki, Nəvainin öz kəlamına bənzəyir; ancaq bu dilin ərbabı onlara tərhic verə bilir. Onun cığatay lisanında Şirvan şüərasına yazdığı tərcibənd ki, öz məqamında dərc olunacaqdır, hər bir əhli-zövq və mərifəti valeh edə bilir. Nəvainin türk lisanında mütəəddid asari-lətifləri ilə dürst bələd olanlar yəqin edərlər ki, türk dili o qədər fəqir və rəkik deyil, necə ki, bizim nəzərimizə gəlir. Dilimizin kökünü və əslini bu mənbədən axtarıb tapmaq və istemaldan düşən əlfaz və ibarələrə dübarə dirilik və rövnəq vermək möhtərəm ədiblərimizin baş vəzifələrindən birisidir. Əlan bu yolda İstambulda nəşr olunan "Türk yurdu"nun mühərrirləri, xüsusən Məhəmməd Emin bəy artıq şövq və həvəslə işləməkdədirlər. Nümunə üçün burada Nəvainin bu qəzəlini yazmağa iktifa edirik: Könüllər naləsi zülfün kəməndin nagəhan görgac İrür andaq ki, quşlar qıçqırışğaylar yılan görgac. Könül çakin gözümdə əşki-rəngin elgə faş etti, Balıq zəxmini fəhm eylərlər el dəryadə qan görgac…. Boyalğan qan ara can pərdəsi yetgac qəmi-hicrin Könül bağida bərgidür ki, al olmuş xəzan görgac…. İrür çün aləm içrə cah fani, yaxşı ad baqi, Bəs, el kamın rəva eylə özünü kamran görgac…. Nəvai, xürdə nəzminni andaq eylədin təhrir Ki, sacğay xürdə başın üzrə şahi-xürdədan görgac. Burada Azərbaycan şüərasının pişvaları və ustadları məqamında olan Füzuli Bağdadidən, Yusif Nabi və Əlişir Nəvaidən mümkün olduğu qədərdə məlumat verdikdən sonra özümüzə borc hesab edirik ki, milli şairlərimizə şüru etməzdən müqəddəm vətəni-məlufumuzun sabiqdə mühüm məkəzləri sayılan Gəncə, Şirvan, Şamaxı vilayətlərinin tarixinə məxsus və o yerlərdə vücuda gəlib nəvşü nüma tapan əazimi-şüəradan ustadi-şüəra Əbülülanın, Şeyx Nizaminin, həkim Xaqaninin və qeyrilərin ismi-şərəflərini zikr edib, hər birinin tərcümeyi-hallarına və əsərlərinə dair icmalən məlumat verək. * * * Gəncə Gəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür. Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur. Cameyi-şərifin təmiri miladın 1620-ci sənəsində vaqe olmuşdur. On səkkizinci əsrin əvvəllərində Gəncə otuz ilədək Osmanlı dövlətinin təhti-idarəsinə keçib, sonra miladın 1735-ci ilində Nadir şah ilə osmanlıların beynində Gəncə üstündə böyük toqquşma və vuruşmalar vüqua gəlib. Axirüləmr, Nadir şah osmanlılara qalib gəlir və Osmanlı əskərlərini şəhərdən çıxmağa məcbur qalır. Bundan sonra on doqquzuncu əsrin ibtidasına kimi Gəncə gah İran dövlətinin təbəiyyətində, gah Gürcüstan padşahlarının təhti-hökumətində və gah müstəqillən öz xanlarının idarəsi altında olmuşdur. Rus dövlətinin əvvəlinci dəfə Gəncəyə sahiblik etməyi miladın 1796-cı sənəsində olubdur. Amma bu sahibliyin müddəti çox çəkməyibdir. 1804-cü ildə knyaz Sisianov Gəncənin üstünə əskər sürüb, onu müddəti-mütəmadi mühasirə eləyir. Gəncə xanı Cavad xan şəhərin müdafiə və mühafizəsi üçün ixtiyarında olan qoşuna özü sərkərdəlik etmişsə də, axırda məqtul olur. Cavad xan məqtul olandan sonra onun adamları rus qoşununun zor və hücumuna tab gətirə bilməyib pərakəndə olublar və Gəncə yenə müvəqqəti rusların yədi-təsərrüflərinə keçir. Amma sonradan miladın 1813-tarixində "Gülüstan" sülhnaməsinin hökmünə görə, Gəncə xanlığı bilkülliyə istiqlaliyyətini itirib rus dövlətinə tabe olur. Əvvəlcə uyezdni şəhər qərardadında, sonradan 1862-ci sənədə dəyişirilib qubernski şəhər halına düşür. 1826-cı ilin iyul ayında Fətəli şahın oğlu nayibüssəltənə Abbas Mirzə Allahyar xan ilə bərabər güclü qoşun götürüb, Gəncənin üstünə hücumavər olub, rusları şəhərdən çıxmağa məcbur qılır. Və lakin haman il sentyabrın 4-də general Mədədovun və Paskeviçin sərkərdəliyi ilə İran qoşunu ilə rus qoşununun arasında Gəncənin yeddi verstliyində böyük bir müharibə vüqua gəlib, İran tərəfi məğlub və münhəzim olur. Knyaz Sisianov Gəncəni fəth edəndən sonra ona imperatoriçə Yelizavetta Alekseyevnanın adını vermişdir, ona binəan Gəncə Yelizovetpol adlanır. Gəncənin məhəlli-mövqeyi gen və açıqdır; içindən Gəncə çayı axır. Bəzi rəvayətə görə, şəhər bina olduqdan sonra məzkur çayın adı ilə təsmiyə olunmuşdur. Gəncənin torpağı məhsuldar və münbit olur, hər qisim meyvəcat yetirir. Şəhərin dörd ətrafı bağ və bostandır; artıq meyvəli və mədaxilli bir yer hesab olunur. Vəli abü havası çəndan səlamət deyil. Yay fəslində şiddətli isti olmağa görə, qızdırma (isitmə) və qisim-qisim naxoşluqlar əmələ gəlir. Şəhərin nücəba qismi və varlıları yay mövsümündə Hacıkənd adlı yaylağa--ki, Gəncənin yaxınlığındadır,--köçüb, orada istirahət edirlər. Fəqir-füqəra şəhərdə qalıb növbənöv mərəzlərə mübtəla olurlar. 1905-ci sənədə Gəncə şəhəri dəxi erməni tayfası ilə müsəlmanların arasında vüqua gələn fəsad və toqquşmadan salamat qalmadı. Onun mərkəzində olan erməni tikililəri və Şah Abbas karvansarası yanıb tələf oldu. Amma indi onların yerində daha gözəl evlər, mağazalar, mehmanxana və karvansaralar təmir olunubdur, düz və enli küçələr salınıbdır. Gəncə əhlinin əksəri müsəlmandır. Bu axır vaxtlardan bəri ülum və maarif kəsbinə rəğbət göstərməkdədirlər və demək olur ki, tərəqqi yoluna düşüblər. * * * İbrahim İbn Əliyyün-Nəccar Xaqani Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir. Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir: Mən Hoseyne-əsr, əduyan Yəzido Şemre-mən Ruzeqarəm comle aşuravo Şirvan Kərbəlast. [1] [1] Tərcüməsi: Mən əsrin Hüseyniyəm, düşmənlərim isə Yezidim, Şimirimdirlər, Günlərim aşura, Şirvan isə mənim üçün Kərbəladır. Xaqaninin atası Əlinin nəccar olmağına bu şeri şəhadət verir: Nuh nə bəs elm daşt, Gər pedəre-mən bodi Qəntəre bəsti ze elm Bər səre-tufan u. [2] [2] Tərcüməsi: Nuhun o qədər də elmi yox idi, Əgər mənim atam onun yerində olsaydı, Onun tufanının üstündə Elm ilə körpü bağlardı. Həkim Xaqani, məşhur qövlə görə, əyyami-tüfuliyyətdən zəkavət, ağıl və dirayət sahibi olduğunu öz felü qövlü ilə izhar edirmiş və özünün də bir kəsdən və bir şeydən qorxusu yox imiş. Ziyadə cürətli, zirək və hazırcavab bir uşaq imiş. Belə rəvayət olunur ki, bir dəfə balaca İbrahim öz yoldaşları ilə kəndin ətrafında oynamağa məşğul ikən ittifaqən şah öz müqərrəbləri ilə haman yerdən keçib şikara gedirmiş. Uşaqlar şah təntənəsini və üstünün adamlarını gördükdə qorxudan qaçıb dağılıblar. Amma balaca İbrahim güzərgahda rast durub yerindən tərpənməyibdir. Uşağın belə cürətlə yol üstə durmağı şahın diqqətini cəlb edib. Atını ona sarı sürüb ondan soruşubdur ki, sən burada nə qayırırsan? Uşaq cavab veribdir ki, mən burada çör-çöp düşürürəm. Şah soruşubdur ki, çöp--çöpdür, bəs çör nədir? İbrahim cavab veribdir ki, çör--dik duranıdır, çöp--yıxılanı. Uşağın belə cürətli və hazırcavab olmağı şahın xoşuna gəlib ondan soruşubdur ki, kəndinizdə böyük sayılan kimdir? Uşaq cavab veribdir ki, camış. Şah gülümsünmüş deyibdir ki, mən dediyim o böyük deyil. Mən dediyim odur ki, hərgah sizin kəndə özgə yerdən bir şəxs gəlsə, kim onun qabağına çıxıb söz danışar? Uşaq cavab veribdir ki, it. İbrahimin bu sayaq hazırcavablığı şaha dəxi də artıq xoş gəlib, istəyib ona bir qızıl bağışlasın, amma uşaq almayıbdır ki, atam məni döyər. Şah səbəbini soruşduqda İbrahim cavab verib ki, atam belə zənn elər ki, mən onu oğurlamışam. Şah buyurub ki, atan bunu haradan alıbsan--deyib xəbər alsa, cavab ver ki, şah bağışlayıbdır. İbrahim cavabında deyib ki, yox, atam onda heç inanmaz. Şah səbəbini soruşduqda İbrahim deyibdir ki, atam deyər ki, yalan deyirsən, əgər şah versə, çox verərdi, bir qızıl verməzdi. Bu gunə sual-cavabdan sonra şah balaca İbrahimin ağıl və fərasətini görüb əmr edibdir ki, onu gətirsinlər şəhərə. Burada--şahın sarayında təlim və tərbiyə alıbdır. Bu rəvayətin nə dərəcədə mötəbər və doğru olduğuna bir söz deməyib, ancaq bunu inkar edə bilmirik ki, həkim Xaqani səbilikdən Şah Sultan Xəlilin sarayına düşüb, orada tərbiyə və təlim almışdır və hənuz cavan ikən şer deməklikdə artıq məharət büruz etmişdir. Şah Xaqaninin belə təbi-rəvan sahibi olduğunu müşahidə buyurub, onu "Fələki" təxəllüslü başqa bir tizfəhm və xoştəb, cavan şair ilə Gəncəyə--məşhur Əbülüla şairin yanına fünuni-şerdə təlim almaq üçün göndəribdir. Xaqani bir neçə müddət Əbülülanın təhti-tərbiyəsində qalıb və fünuni-şerdə lazimeyi-məlumat kəsb etdikdən sonra ustadının qızını alıbdır. Və bu qız aqilə və cəmilə olduğu üçün Fələki dəxi buna müştəri düşür, amma qız Xaqaniyə nəsib olur. Bundan sonra Xaqani vətəni Şirvana müraciət edib şahın hüzurunda böyük mənsəb sahibi olubdur. Bəzi rəvayətə görə, Xaqani cahü rütbə axtaran və şöhrət sevən, qeyzli və tündməcaz bir vücud imiş ki, çox kəslərə ondan qövlən və felən zülm və cəfalar yetərmiş və xəlayiq onu dürüşt və bədxasiyyət olduğu üçün dost tutmazlarmış. Amma "Atəşkədeyi-Azəri"də belə rəvayət olunur ki, həkim Xaqani axirül-əmr tərki-riyasət və təcridi-ixtiyar qılıb, riyazət və mücahidəti-batinini özü üçün eyni-səlah görüb dövləti işlərdən dəstbərdar olmuşdur və səlatinə qulluq etməkdən boyun qaçırdığı üçün bir neçə müddət məhbus olmuşsa da, yenə divani xidmətləri qəbul etməmişdir. Və bir rəvayət də budur ki, Həccə gedib, övdətində Üzi adlanan bir qövmün əlinə əsir düşüb. Dini-məsihi qəbul etmək təklifi olunmuşdur və lakin Xaqani bu təklifi rədd etmişdir və bu səbəbdən bir monastrda həbs olunmuşdur. Hər halda bir xeyli vaxt məhbus qalıb və məhbusiyyəti haqqında əşarı vardır. Həccdən qayıdan zamanı İraqdan keçməklə bu xittələrin əhvalını öyrənib "Töhfətül-İraqeyn" ünvanı ilə bir kitab yazmışdır. Bundan əlavə "Həft iqlim" ünvanı ilə bir mənzuməsi və mürəttəb bir divanı vardır. Və "Atəşkədə"də həkim Xaqaninin vəsfində yazılmış bu sətirləri təbərrükən burada zikr edirik: "…. və behəmrahiye-karavne-niyaze-rahnəvərd badiyeye-hicaz gəşte və məsnəviye--"Tohfətol-İraqeyn"ra dər ərze-rah benəzm avərde və əlhəq dər hiç fənn əz fonune-nəzm əz fohule-ostadan kəmtər nist. Dər fənne-soxənvəri tərze-xassi extera kərde sahebe-məaniye-bolənd və əlfaze-delpəsənd əst". [3] [3] Tərcüməsi: Ehtiyaç karvanının yoldaşlığı ilə hiçaz səhrasına getmiş və yolda "Töhfətül-İraqeyn"i nəzmə çəkmişdir. İnsafən, o, nəzm elmlərinin heç birində məşhur ustalardan əskik deyil. Söz sənətində o, xüsusi üslub ixtiraçısı, yüksək mənalar və ürəyə yatan ifadələrin sahibidir. Belə rəvayət olunur ki, Xaqani ustadi-möhtərəmi olan qaynatasını incidib və bir həcv yazmaq ilə mükəddar və rəncidəxatir etmişdir. Əsirəddin Axsikəti ilə müasir olub, mükatibə təriqi ilə beynlərində bir çox müşairələr vüqu bulmuşdur və atidəki iki beyt Əsirəddin Axsikətiyə qarşı söyləmiş olduğu bir fəxriyyəsindəndir: Be kerdqar ke doure-zəman pədid avərd, Ke dour doure-mənəsto zaman zəmane-mənəst. Mənəm bevəhye-məani peyəmbəre-şoəra-- Ke, moceze-soxən emruz dər bəyane-mənəst. [4] [4] Tərcüməsi: Zamanın dövranını yaradan allaha and olsun-- Ki, dövr mənim dövrümdür, zaman mənim zamanımdır. Mənalar vəhyində şairlərin peyğəmbəri mənəm, Çünki bu gün söz möçüzəsi mənim ifadəmdədir. Xaqaninin vəfatı Təbrizdə olubdur, hicrəti-rəsulun 582-ci sənəsində və orada Sürxab adlanan məhəldə dəfn olunubdur. Çün şüəra silkindən cəmi-kəsir onun civarında mədfundur, ona binaən o yer "Məqbərə-tüş-şüəra" adı ilə məşhurdur ("Bahariyyat"ını dəxi Təbrizdə inşa qalıbdır). Xaqaninin asari-qələmiyyəsindən nümunə üçün burada onun günəşə xitabən yazdığı kəlamı zikr edirik: Ey mohre-dəhane-ruzedaran, Candaruye-ellate-bəharan. Əz səhme-to dər neqabe-xəzra, Məstureye-səd hezar rəna, Əz feyze-to dər do qahvare, Do henduye-tefle-şirxare, Darəd ze to ruye-rumiyan ab, Girəd ze to muye-zəngiyan tab. Dibaçeye-rumra ze to rəng, Aineye-zəngra ze to jəng, Zər paşiyo naqoşade gənci, Təb dariyo nakeşide rənci. Gəh kousəre omre-zay başi. Gəh atəşe-canqozay başi, Ba anke berəhnegi gəzini, Zərbəft dəhi behər ke bini. Hər mah bepeyke-asemani, Xələt dəhiyo va setani. Ya xələ mədeh bezirdəstan, Ya dadeye-xiş baz məstan. Meyle-to berouzənəm çera nist, Dər rouzənəm axər əjdəha nist, Dər rouzəne-an yeki foruzi, Kəz rouzəne-pəst yaft ruzi. An nur ke bidəriğ bari, Əz Xaqaniye-xod dəriğ dari. An kəs ke bezər qəvist rəyəş, Zərbənde şemoro zər xodayəş, Dər kiseye-hər ke zər foru şod, Çon kise tənab dər gəlu şod. Zər çist ço atəşe-fesorde, Xaki bimar bəlke morde. Ləl ərçe şərareist xoşrəng, Xunist fesorde dər dele-səng. Mərd əz peye-ləl o zər nəpuyəd, Tefləst ke sorxo zərd cuyəd. [5] [5] Tərcüməsi: Ey oruç tutanların ağzının möhürü, Bahar xəstəliklərinin çan dərmanı, Sənin qorxundan yaşıl niqabda Yüz min gözəl gizlənmişdir. . Sənin mərhəmətindən iki beşikdə İki hindu südəmər uşaq var. Rumluların üzü səndən su alır, Zənçilərin saçı qıvrımlığını səndən alır, Rum dibaçəsi, səndən rəng alır, Zənçilərin guzgüsü səndən pas alır. Xəzinə açmadan qızıl səpirsən, Əziyyət çəkmədən qızdırırsan. Gah ömür doğan bir gövsər, Gah can yandıran od olursal. Özün lutlüyu seçdiyin halda Hər kəsi gördükdə, ona zərbafta verirsən. Hər ay asimanın peykinə (aya) Xələt verir və geri alırsan. Ya əlinin altındakılara xələt vermə, Ya da öz verdiyini yenidən alma. Mənim bacama nə üçün meyl eləmirsən, Mənim baçamda ki, əjdaha yoxdur! Sən onun bacasını işıqlandırırsan-- Ki, aşağı baçada ruzu tapır. Müzayiqəsiz yağdırdığın nuru Öz Xaqanindən əsirgəyirsən. O kəsin ki, qızıla meyli çoxdur, Onu qızılın qulu say, qızılı onun allahı. Hər kəsin ki, kisəsinə qızıl girdi, Kisə kimi boğazına kəndir keçir. Qızıl nədir? Sönmüş od kimidir, Xəstə, ölü bir torpaq kimidir. Ləl hərçənd ki, xoşrəng bir qığılçımdır, Daşın qəlbində donmuş bir qandır. Kişi qızıl və ləl ardınça qaçmaz, O uşaqdır ki, qırmızı və sarı [rəngləri] sevər. Qəzəliyyatından bir neçə fərdlər--ki, "Atəşkədeyi-Azəri"də məsturdur,--burada zikr olunur: Ey sobhdəm bebin bekoca miferestəmət, Nəzdike-aftabe-vəfa mnferestəmət. İn sər bemohre-name bean mehreban resan, Kəsra xəbər məkon ke koca miferestəmət. Can yek nəfəs derəng nədarəd, qozəştənist, Vər nə, bein şetab çera miferestəmət. İn dərdha ke bər dele-Xaqani əmədəst, Yek-yek bequy, bəhre-dəva miferestəmət. [6] [6] Tərcüməsi: Ey sübhdəm, gör səni hara göndərirəm, Səni vəfa günəşinin yanına göndərirəm. Bu başı möhürlü məktubumu o mehribana çatdır, Kimsəyə xəbər vermə ki, səni hara göndərirəm. Can bir an aram tapmır, keçəridir, Yoxsa səni nə üçün belə tələsik göndərirəm?! Xaqaninin ürəyinə gələn bu dərdləri Bir-bir söylə, səni dərman üçün göndərirəm. * * * Dərdi ke məra həst bemərhəm nəforuşəm, Gər afiyətəş sərf dəhi həm nəforuşəm. Bər kurdelan suziye-İsa nəseparəm, Bər mordedelan reşteye-Məryəm nəforuşəm. Ey xace məno to çe foruşim bebazar, Şadi nəforuşi tovo mən ğəm nəforuşəm. [7] [7] Tərcüməsi: Məndə olan dərdi dərmana satmaram, Üstəlik əbədi sağlamlığı da versən, satmaram, İsanın çilvələnməsini korlara tapşırmaram, Ölüqəlblilərə Məryəmin boyunbağısını satmaram. Ey xaçə, mən və sən bazarda nə sataq? Sən şadlıq satmazsan, mən də qəmimi satmaram. * * * Xəyyate-ruzeqar bebalaye-hiç kəs Pirahəni-nəduxt ke, axər qəba nəkərd. [8] [8] Tərcüməsi: Zəmanə dərzisi heç kəsin əyninə Elə bir köynək tikmədi ki, axırı don olmasın. Cənnətməkan Abbasqulu ağa "Qüdsi" təxəllüs--ki, onun tərcümeyi-halı gələcəkdə zikr olunacaqdır,--"Gülüstani-İrəm" adlı kitabında Nizaminin və Xaqaninin müasirlərindən və onlardan sonra Qafqaziyada vücuda gələn üləma, şüəra və hükəma barəsində filcümlə məlumat veribdir. Heyfa ki, "Gülüstani-İrəm"-in farsi nüsxəsi əlimizə düşmədi və lazımi qədərincə ondan istifadə edə bilmədik. Ancaq rus dilinə tərcümə elədiyi bir nüsxəsi müvəqqəti əlimizə keçdi. Fürsəti qənimət bilib, aşağıda təhrir olunan məlumatı rusdan türkə çöndərməklə məcmuəmizi zinətləndirdik. Abbasqulu ağa yazır: "…. Və hər əsrin ruhu və övzayi-əhvalı və hər bir millətin dərəceyi-kəmalı, tərəqqi və təməddünü ol əsr və millət hasilə yetirdiyi ədəbiyyatdan və əsari-ətiqədən müşahidə olunur. Qafqaziyanın cənubi-şərqində həddən ziyadə xərabə şəhər, qəsəbələr, uçuq hasar və minarələr, qədim məbədgahlar (monastrlar), Aranzəmində həvariyyundan müqəddəs Şəmunun qəbri, Bərdədə, Gəncədə, Şamaxıda və Bülbülə kəndində imamzadələrin rövzeyi- mütəhhərələri və bunlardan əlavə Şirvan, Şəki, Gəncə, İrəvan, Qarabağ mahallarında bir çox möhtərəm seyidlərin, şeyxlərin və pirlərin qəbirləri ona şəhadət verir ki, keçmişdə bu yerlər üləma, ürəfa və şüəra mərkəzi olubdur. Bu yerlərin mötədil abü həvası, münbit torpağı, qalın meşələri, dilgüşa və basəfa dağları və təpələri, laləzar çəmən və səhraları, meyvəli və güllü bağ və bostanları hər qisim nemət və meyvəcat yetirməkdədir. Bu cəhətə ən qədim əsrlərdən müxtəlif qövm və tayfaların nəsli burada sükunət ediblər. Müxtəlif şəkil və heykəldə, siyrət və surətdə olan millətlərin övladı bu yerlərdə bənd olub qalıblar. Onlardan hər biri elm və hünərindən, cibilli istedad və qabiliyyətindən, ayin və adətlərindən və xasiyyətlərindən bir nişan və əlamət qoyublar. Belə ki, Qafqaz əhalisi bir çox mənəvi dövlət və irslərə varis olublar və şəklü şəmayildə dəxi qeyri millətlərdən tərcih tapdıqları cəhətə Qafqaziya ünsürünə (rasasına) Avropa millətləri dəxi özlərini mənsub qılıblar. Fəqət Qafqaz xittəsi sabiqdə müttəsil dava və qovğa meydanı olub, bir an vuruşma və toqquşmadan asudə qalmayıblar. Bununla belə bu yerlər üləma, hükəma və şüəra sinfindən xali qalmayıbdır. Burada bir çox mötəbər və müqtədir şəxslər vücuda gəliblər ki, hər biri öz əsrinin fəridi və mümtazı olubdur. Və bunu da bilmək gərəkdir ki, Qafqaz torpağından çıxıb başqa diyara mühacirət edən kəslər qürbət vilayətlərdə və əcnəbi məmləkətlərdə böyük nam və şöhrət qazanıblar. Şirvan şahlarının zəmani-səltənətlərində--ki, dörd yüz ildən ziyadə çəkibdir,--bu yerin əhalisi eyni-əmnü asayişdə yaşayıb, vilayəti abad və məmur qılıblar. Səfəvilər əsrinin ibtidasında Qafqaziyanın bəzi yerlərində osmanlılar ilə əcəmlər arasında bir çox müharibələr vüqua gəlməklə belə vilayətin övzaü nizamı pozulur. Ancaq Şah Abbasi-dövvüm Qafqazın şərq səmtini təsxir etdikdən sonra təzə nizam və qanun təsis eləyir və bu əmnü asayiş Şah Sultan Hüseynin zəmani-səltənətinədək davam edir. Vəli Nadir şah zühur edib Dağıstanın üstünə hücum qılır. Yenə davalar başlanır; hər tərəfdən qan sel kimi axır, övzayi-məmləkət nizami-qaydadan düşür…. Bununla belə əlimizə düşən pərişan namələrdən istifadə edərək zeyldə adları zikr olunan üləma və əhli-qələmlərimizin tərcümeyi-hallarına və əsərlərinə dair müxtəsərən məlumat veririk: Şeyx Əbuabdullah Əli ibn Məhəmməd Badkubeyi bir çox mötəbər müvərrixlərin yazdıqlarına görə, din və dünya elmlərindən baxəbər bir vücud imiş. Cavan sinnindən başlayıb əsrinin mötəbər üləmasından elm təhsil etməyi. Onun müdərrisləri Şeyx Abdullah Xəfif və Şeyx Əbülqasım Kaşifi kimi böyük alimlər olubdur. Məşhur Şeyx Əbuseyid Əbülxeyr ilə onun arasında bəzi elmi və fənni mübahisələr vüqua gəlibdir. Şeyx Əbülabbas ilə mabeynlərində ülfət və dostluq əlaqə bağlayıbdır. Məzkur Əbülabbas Şeyx Əbüabdullah Əli Badkubeyinin alim və fazil bir vücud olmağını öz əsərlərində zikr və təsdiq edibdir. Şeyx Əbuabdullah ömrünün axırlarında dünyadan və xalqdan qəti-əlaqə edib, Şirazın yaxınlığında bir mağarada etikaf və ibadətə əyləşir. Burada şeyxi öz əsrinin məşhur üləma və füzəlası ziyarət edərmiş. Vəfatı hicrətin 442-ci tarixində vaqe olubdur ki, miladın 1051-ci ilinə mütabiqdir. Asari-qələmiyyəsi olubsa da, bizə erişməyibdir. Məhsəti Gəncəvi vəcihə və nəcibə bir qız imiş. Sultan Səncər Səlcuqinin sarayında artıq şöhrət kəsb etmişdi. Fünuni-şerdə ən zərifə və qabilə bir vücud imiş, təbiəti-şeriyyəsi var imiş. Gözəl və dilpəsənd qəzəllər inşad edərmiş. Əşarü asarından bir çox nümunələr "Atəşkədə"də məsturdur. Fələki Şirvani öz əsrinin ən məlumatlı və xoştəb şairlərindən birisi hesab olunur. Onun əsl adı Məhəmməddir və necə ki, yuxarıda zikr olundu, Xaqaninin müasiri və dostu imiş. Rəvayət olunur ki, cavanlıq sinnində ikən bir münəccimin oğlu ilə dostlaşıb, onun atasından münəccimlik elmini öyrənmişdi və bu elmdə artıq məharət və qabiliyyət büruz etmişdi. Fünuni-şerdə dəxi ustadi-şüəra Əbülüladan təlim almışdı və münəccimlik elmini sevdiyindən "Fələki" təxəllüsü götürmüşdü. Bir çox əşarı "Təzkirətüşşüəra"da zikr olunubdur. Onlardan ən məqbul və səlisi Şirvan mənuçehrlərinin şənində yazdığı qəsidələrdir. İzzəddin Şirvani dəxi Xaqaninin müasiri olub, ziyadə danişmənd və maarifpərvər bir vücud imiş. Dövlətmənd və alitəb, bir şəxs olduğu üçün müdam onun məclisi ürəfa, üləma və şüəra ilə ziynətlənərmiş; şüəra sinfinə cümlədən ziyadə riayət göstərərmiş və bəzi kəlami-bəliğindən müqtədir şair olduğu görünür. Mücirəddin Beyləqani cavan ikən Şirvana azim olub, burada həkim Xaqaniyə şagird olur. Fünuni-şerdə ondan təlim alıb, özü dəxi şer yazmaqda mahir olur. Xaqani yazdığı əşarü kəlamın üzünü ağardarmış. Şirvanda olan vaxtı Mücirəddin Xaqaninin əqrəbalarından birisinin qızına aşiq olub, onu almaq istəyir, vəli biçiz və fəqir şair mən olunur və öz müəllimindən gözlədiyi köməyi və tərəfdarlırı görməyib, məyusanə Azərbaycan diyarına azim olur və burada öz kamal və mərifəti sayəsində Atabəyin ən müqərrəb adamlarından birisi olur. Atabəyin vasitəsilə Qızıl Arslanın və fərzəndi Sultan Toğrulun hüzuruna müşərrəf olur. Hər iki sultanın şənlərində gözəl qəsidələr inşad qılmışdı. Hüseyn ibn Əli Seyid Zülfüqar Şirvani özünün elmi və təbiəti-şeriyyəsi ilə iştihar bulmuşdu. Şirvan vüzərasından Sədr Səid onun yazdığı bir qəzələ əvəz olaraq yeddi xarvar ipək ona bəxş etmişdi. Axır vaxtlarda Seyid Zülfüqar Xorasana əzimət edib, orada Sultan Məhəmmədin təcümeyi-halını və ümurisəltənətdə icra etdiyi gözəl tədbirlərini nəzm ilə yazmışdı. Sonra Hülaku xanın oğlu Əbakə xanın vəziri Atabəy Yusif Seyid Zülfüqarı ömrünün axırına kimi öz təhti-himayəsinə alıb, şairin haqqında lütfü ehsanatını əsirgəməzdi. Seyid Zülfüqar Əbakə xanın zəmani-səltənətində Təbrizdə vəfat edibdir və "Məqbərətuş-şüəra"da dəfn olunubdur. Əbusəid Abdal Badkubeyi bəzl və ehsanı ilə və mehmannəvazlığı ilə şöhrət kəsb etmiş dərvişsifət bir zat imiş. Bakı şəhərinin yaxınlığında sükunət edərmiş. Cüzi mədaxilinə qane olmaqla belə füqəraya kömək və evinə gələn qonağa hörmət və inayət göstərərmiş. Padşahlardan fərman ilə ona verilmiş neft quyusundan və Şibanidəki əkin yerlərindən yetişən məhsulat, fərmanların hökmüncə, onun vəfatından sonra da füqəra və məsakinə təqsim olunarmış və qəbrinin üstündə olan mücavirlərə vəzifə verilərmiş və lakin müruri-əyyam ilə Şirvan şahlığında vüqua gələn inqilab və siyasi hadisələr təsirindən Əbusəidin məscid və hücrələri və müsafirxanası təxrib və qəbri sədəmeyi-ruzgardan torpaq ilə yeksan olur. Hicrətin 1232-ci tarixində ki, miladın 1817-ci sənəsinə mütabiqdir, Hacı Qasım bəy vələdi-Mənsur xan Badkubeyi Əbusəidin qəbrini axtarıb tapır və məscidini hücrələri ilə və müsafirxanası ilə tərmim qıldırır. Məscidin və müsafirxananın və neft quyusunun açılmağından yəqin olunur ki, bu haman dərviş Əbusəidin binalarıdır ki, onun vəsfi-şənində Məhəmməd ibn Mahmud "Nəfayisül-fünun" adlı kitabında bu minval yad etmişdi ki, Hülaku xanın nəvəsi Sultan Məhəmməd xan Xudabəndə--ki, miladın 1314-cü tarixində tamami İrana padşahlıq edirmiş, Badkubə şəhərinin canibində bir dərvişə rast gəlir ki, orada bir neft quyusu qazdırıb, onun mədaxili ilə həm özü məaş edərmiş və həm də müsafirlərə və füqəraya xərc qılarmış. Dərviş məzkur adətinə görə, padşaha da ziyafət tərtib qılır. Sultan Məhəmməd Xudabəndə dərvişin bu himmət və alitəbliyini gördükdə ona pürqiymət töhfələr bəxşiş eləyir, vəli Əbusəid qəbul etməyib deyir: "O qədər ki, mənə lazımdır, varımdır. Daha başqa şeyə ehtiyacım yoxdur!" Əbusəidin cavabı sultana o qədər xoş gəlir ki, onun əlini sıxıb, dost və qardaş olmağına əhdü peyman edir. Dərviş bəzi vaxtı dostuna cüzi hədiyyələr göndərərmiş və sultan o hədiyyələri satdırıb onlardan hasil olan məbləğə özü üçün kəfənağı aldırmağı vəsiyyət etmişdi. Əbusəidin asari-qələmiyyəsindən bizə bir şey vasil olmayıbdır. Seyid Yəhya Badkubeyi hicrətin səkkizinci əsrində bu vilayətdə böyük alim və müdərrislərdən hesab olunurmuş. Qafqazın hər tərəfindən tələbə və suftələr onun başına cəm olub, elm mərifət kəsb edərlərmiş. Ülumi-diniyyəyə dair bir çox mötəbər əsərləri vardır. Seyid Yəhyanın adı bəzi şəri kitablarda kəmali- ehtiram ilə zikr olunubdur. Onun ibadət etdiyi hücrə və mədrəsəsi Abbasqulu ağa Qüdsinin əsrində mövcud imiş. Məscid mərhumun adı ilə təsmiyə olunub--"Seyid Yəhya məscidi" adlanarmış. Şeyx Molla Yusif Müsküri əslən ərəb imiş. Abavü əcdadı hicrətin yeddinci əsrində Mədinədən Qafqaza hicrət ediblər və ibtidada Qarabağ mahalında sakin olarlarmış. Bədə Qarabağdan Quba mahalına köçüblər və burada "Müskür" adlı məhəldə Şeyx Molla Yusif təvəllüd edibdir. Şeyxi-məzkur ibtidai təlimdən sonra Seyid Yəhya Badkubeyinin hüzuruna gedib, ondan ülumi-ilahiyyəni və ehkami-şəriyyəni təhsil etməyə başlayır. Seyid Yəhyanın təhti-tərbiyəsində şeyx xeyli müddət kəsbi-kəmal edib öz zehn və istedadı ucundan bir çox elmlərə dara olur və ustadi-möhtərəmi onun müdərrisliyinə xeyir-dua edib yola salır. Şeyx Molla Yusif öz vətəninə müraciət edib müdərrisliyə qurşanır və bir çox möhtərəm şəxslər onun tədris və təlimi bərəkətindən ad və şöhrət qazanırlar, xüsusən, onun istəkli şagirdi qubalı Şeyx Məhəmməd öz əsrinin fəridi olur. Şeyx Molla Yusifin nəsli camaat içində və el arasında həmişə əziz və möhtərəm sayılıblar. O qəryədə ki, şeyx dəfn olubdur və onun övladı sakindirlər, şeyxin adı ilə məzkur qəryə təsmiyə olunubdur--"Şeyxulla" kəndi adlanır. Şeyx Molla Yusifin əsərlərindən bizə yetişən onun ərəb dilində "Bəyanul-əsrar" adlı yazdığı kitabıdır. Bu kitab bir müqəddimədən və iyirmi dörd babdan ibarətdir ki, məalı insanın əhvalı-ruhiyyəsinə və əxlaqü ətvarına şamildir. Şeyx vəfat edibdir hicrətin səkkizinci əsrinin axırlarında. Bədr Şirvani öz əsrində ən zərif şairlərdən birisi hesab olunurmuş. Şerşünaslıqda və elmi-tənqiddə artıq dərəcədə məharəti var imiş. Xeyli zaman Şirvanda nazü nemət içrə möhtərəm yaşayıb. Əsərlərindən bir neçəsi bizə yetişibdir. İranın məşhur şairlərindən Katibi Turmizi Bədr Şirvaninin ziyarətinə Şirvana gəlib, xeyli vaxt aralarında fünuni-şer və ədəbiyyat babında mübahisələr olubdur. Dövlətşahın dilindən rəvayət olunur ki, Şirvan valisi Əmir İbrahim Katibinin bir şerinə bədəl olaraq ona on min dinar qızıl bağışlayır. Bu məbləği Katibi bir ayın müddətində Şirvan karvansarasında sərf eləyir: o, pulun bir hissəsini fəqir şairlərə və bir hissəsini də füqəraya verir, bir hissəsini də oğurlayırlar. Belə ki, ay tamam olmamış Katibinin yeməyə bir batman unu da qalmır. Bu halda Əmir İbrahimə aşağıdakı məzmunda bir şer yazıb göndərir: "Dünən aşpazıma əmr etdim ki, mənim və qonağımın aclığını rəf etmək üçün bağri bişirsin. Aşpaz mənə cavab verdi ki, evimizdə bir az ət və yağ olur ki, tapılsın, amma unu kim verəcəkdir, o məlum deyil. Mən ona dedim ki, göyün dəyirmanını işlədən kəs bizə un verər". Əbdürrəşidi-sani Badkubeyi təvəllüd edibdir hicrətin 805-ci ilində ki, miladın 1403-cü tarixinə mütabiqdir. Əsərlərindən qalanı ərəb dilində yazdığı coğrafiya kitabıdır ki, onda rusların, slavyanların, varyakların, peçeneqlərin haqqında müfəssəl məlumat veribdir. Avropa üləmasından məşhur akademik Fren "İbn Fədlan" nam adlı təb olunmuş əsərində Əbdürrəşid Badkubeyi yazdığı coğrafiyadan bir çox məlumat əxz etmişdir. Kəmaləddin Məsud Şirvani çox böyük üləmadan birisi hesab olunur. Uzun müddət Heratda Sutan Hüseyn Bayqarının zəmani-səltənətində müdərris olubdur. 905-ci tarixi-hicriyyədə Heratda vəfat edibdir. Xorasan üləma və hükəma firqəsi Kəmaləddin Şirvaninin elm və fəzlini kəmali-ehtiram ilə öz əsərlərində zikr ediblər. Müsahib Gəncəvi--ki, Kərbəlayı Əlixan Ziyadoğlu ismilə məşhurdur,--Gəncə və Qarabağ bəylərbəyisi olubdur. Ziyadə xirədmənd, baxəbər və xoşsöhbət bir vücud imiş. Şah Abbas Səfəvinin lütf və inayətinə nail olduğu üçün "Müsahib" ləqəbi almışdı. Ümuri-məmləkətdə ziyadə mahir və durbin olduğundan maəda şerşünaslıqda yədi-beyzası var imiş. Özü dəxi şer deyərmiş və bir çox şer və qəzəlləri qalıbdır. Molla Mirzə Şirvani ziyadə alim və fazil bir zat imiş ki, hər növ elmdən baxəbər və öz əsrinin filosofu sayılırmış. Üləma firqəsilə müttəsil müzakirə və mübahisədə olub, hər kəsə ariz olan elmi müşkilat və şübhələri kəşfü bəyan edərmiş. Abbasqulu ağa Qüdsinin zamanında da Molla Mirzə Şirvaninin adı İranzəmində təhsin ilə yad olunarmış. Ömrünün axır vaxtlarını İsfəhanda və Kərbəlayi-müəllada üləma və müctəhidlər zümrəsində keçiribdir. Vəfatı da orada olubdur, Şah Sultan Hüseyn Səfəvinin zəmani-səltənətində. Molla Məhəmmad ibn Molla Nəşəfəli Badkubeyi öz əsrinin alim və fazil bir şəxsi imiş ki, hər növ elm və fənlərə dara imiş. Ziyadə xoşxülq, paktinət bir vücud olduğu üçün cümlənin hörmət və rəğbətini kəsb etmişdi. Mirzə Məhəmməd xani-dövvümün müəllimi və mürəbbisi olubdur. Bir neçə mötəbər əsərləri qalıbdır ki, onların cümləsindən Şeyx Bəhaəddinin "Kəşkül" nam ərəb lisanında yazdığı kitabın şərhi ilə farscaya tərcüməsidir. Bu tərcüməni Molla Məhəmməd Fətəli xanın fərmayişi ilə eləyibdir. Səhih rəvayətə görə, Molla Məhəmməd ilə Məhəmməd Çələbi Əlicəli sünnü və şiə məzhəb arasında olan nifaq və ədavəti götürüb, sülh və saziş etmək üçün xeyli müddət müzakirə və müşavirə ediblər və bu xüsusda Məhəmməd Çələbi ərəb dilində mötəbər bir kitab yazıbdır. Haman kitabı ərəbdən fars dilinə mərhum Abbasqulu ağa Qüdsi pədəri Məhəmməd xani-saninin buyurmağı ilə tərcümə eləyibdir. Hacı Məhəmməd Çələbi Əlicəli Qübbə nahiyyəsində öz əsrinin bilikli və gözüaçıq alimlərindən sayılırmış. Hacı Məhəmməd Çələbinin hər elmdən xəbərdarlığı var imiş. Xüsəsən, ülumi-ehkami-şəriyyədə əmsalı yox imiş. Mərhum Çələbinin bir neçə mötəbər əsərləri qalıbdır ki, üləma indində məqbul və bəziləri dəsturüləməl hökmündədirlər. Hacı Məhəmməd Çələbi yeddi dəfə Həcc ziyarətinə gedibdir, vəfatı hicrətin 1223-cü ilində vaqe olubdur ki, miladın 1808-ci salına mütabiqdir. Zəmani ki, Mustafa xan rus qoşununun içində Quba həvalisində Şıxəli xan ilə müharibə edirlərmiş Hacı Məhəmməd Çələbinin cəsədini dəfn etmək üçün şəhər qəbiristanlığına gətirirlər. Bu əsnada alimin cəsədinə ehtiram göstəribən hər iki tərəf yaraq və əsləhələrini yerə qoyub, müvəqqəti sülh edirlər. Məstəli Şirvani--ki, əsl adı Hacı Zeynalabidin ibn Axund İsgəndərdir.--təvəllüd edib şəhri-Şamaxıda hicrətin 1194-cü ilində ki, tarixi-məsihiyyənin 1779-cu salına mütabiqdir. Altı ay onun təvəllüdündən sonra atası Axund İsgəndər əhlü əyalını götürüb gedib Kərbəlayi-müəllaya. Məstəli Şirvani on yeddi yaşına kimi bəzi elmləri öz atasından və sair məşhur alimlərdən təhsil edibdir və cavan ikən dərvişlər silkinə daxil olub, dərviş Məsuməli şah Hindistaninin təlim və söhbətindən istifadə edir. Bundan sonra Bağdada köçüb, orada elm və biliyini kamala yetirmək üçün Nurəli şah İsfəhanidən başlayır dərs almağa. Elmini tamam edəndən sonra İraqi-əcəmə, Gilana, Şirvana və Azərbaycana səfər edib, hər məkanü məhəldə bir neçə vaxt iqamət edib, təcrübə və biliyini daha da artırır. Məstəli Şirvani Azərbaycandan azim olur Təbəristana, oradan Xorasana, Kürdüstana, Zabilistana və Kabula əzimət edir. Hər yerin üləma və hükəması ilə aşina olub, məclislərinə daxil olur. Xeyli müddət Həsənəli şahın xidmətində qalıb, hüsni-təvəccöhlərinə müvəffəq olur va onun vəfatından sonra--ki, vaqe olubdur Hindistanda Pişavərdə 1216-cı (1802) tarixində,--Məstəli Şirvani Pəncab səmtinə və oradan Dehliyə, Allahabada, Benqalya, Dəkənə və Hindistanın sair yerlərinə səfər edib. Bəd Hindistan və Xita cəzirələrini gedib gəzir. Bundan sonra Məstəli Multandan keçib Kəşmirə, Müzəffərabada və oradan keçib Kabula, Təbəristana, Bədəxşana, Xorasana, İraqa və İraqdan Farsa. Bu uzun və pürzəhmət səyahətdən sonra Məstəli bir neçə müddət yorğunluğun almağa məcbur olur. Bir az rahat olandan sonra Məstəli yenə səyahət qəsdilə Ərəbistanın çox yerlərini və qərbi-cənubunda olan şəhər və qəsəbələri gəştü güzar edib, oradan Həbəşə keçibdir və bir az vaxt orada iqamət edəndən sonra Məkkəyə qayıdıbdır. Məkkədən Mədinəyə və Mədinədən Əlqahirəyə, oradan Qüdsi-Xəlilə və Qüdsdən Arçıblaq cəzirələrinin bəzini seyr edib İstambul tərəfinə azim olubdur və İstambulda bir müddət iqamət etdikdən sonra Rumeli şərqinə və Bolqarıstana gedib, o yerlərin əhalisi və övzaı ilə filcümlə tanış olur və bəd yenə İstambula qayıdıb və oradan Anadoluya, Diyarbəkr vilayətinə və Diyarbəkrdən Ermənistana və buradan Azərbaycan səmtinə azim olur. Azərbaycanın bir çox yerlərini gəzdikdən sonra Tehrana səfər edir. Məstəli Şirvani hər iki səyahətində dünyanın yarısını gəştü güzar edib, altmışdan ziyadə müxtəlif ayin və adət üzrə yaşayan və yek-digərinə ziddü müğayiri-dinü məzhəb, ehkam və üsulunu icra edən miləl və əqvam ilə tanış olubdur və "Riyaz" adlı kitabında yuxarıda zikr olunan dinlər və məzhəblər babında və hər bir yerin tarix və coğrafiyasına və əhalisinin məişətinə dair ətraflı məlumat veribdir. Məstəli Şirvani bir neçə vaxt dərviş-məczub Əli şah Həmədaninin yanında qalıb, Nemətullah məzhəbilərin şeyxi və müəllimi olmağa xeyir-dua ilə icazə alıbdır. Amma dünyagir və nəfspərəst üləmadan bəzi onun ziddinə gedib, ədavət başlayıblar və onu dini-islama müğayir başqa bir əqidədə olmaqla Fətəli şahın nəzərində müttəhim və müqəssir ediblər. Məzkur şahın qəzəbindən ehtiyat edib, Məstəli Şirvani əvvəlcə Şiraza və oradan Kirmana azim olur. Kirman hakimi İbrahim xandan çox iza və cəfalar çəkib axırda öz vətəni Şirvana müraciət eləyir və burada hicrətin 1236-cı tarixində--ki, miladın 1821-ci salına mütabiqdir,--evlənir. Amma vətənində çox vaxt sakin olmaq ona nəsib olmur. Təəhhülündən bir il sonra vəba naxoşluğu düşür və çox adamlar tələf olur. Məstəli əyalını götürüb İrana gedir. Bir az İsfəhanda və bəd Qum şəhərində sakin olur və burada öz "Səyahətnamə"sini yazır." Abbasqulu ağa Qüdsinin zamanında Məstəli Şirvani Şirazda olurmuş və özü də həm ərkani-dövlət indində və həm camaat nəzərində möhtərəm və müəzzəz bir alim sayılırmış. Burada adları zikr olunan məşhur qələm əhllərindən və üləmadan başqa Qafqaziyada hər bir əsr və zamanda sair möhtərəm və danişmənd şəxslər dəxi vücuda gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdır və o əsərlər cümlə ürəfa və ərbabi-kəmal indində məqbuldur. Mərhum Abbasqulu ağa onların tərcümeyi-hallarına dair məlumat verməyibdir; ancaq ismi-şəriflərini zikr etməklə iktifa edibdir. Şeyxlərdən məşhuru bunlar olub: "Səlyanda Əbuəli Rudbari Səlyani, Şabranda Şeyx Yaqub Çərxi, Qubada Şeyx Əbdülkərim və Şirvanda Baba Rüknəddin Şirvani. Üləmadan: Sidqullah Bərdəvi, Hənəfi Qarabaği, İbrahim Ərşi, Ağdaşda Bürhanəddin Ağdaşi, Şəkidə Əbdürrəhim əfəndi Şəkui, Məhəmmədəmin əfəndi, Əyyub əfəndi, Baba əfəndi, Şirvanda Axund Şərif Şirvani, Bakıda Axund Nəcəfəli Badkubeyi və Dərbənddə Mollaağa Dərbəndi. Şüəradan: Nişat, Ağaməsih Şirvani, Mirzə Əsgər, Zülüla Şirvani Yusif Kosa, Asəf, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Məhərrəm Məriz Qarabaği və Fətəli bəy hali Ziyadoğlu Gəncəvi. Dağıstanda məşhur üləmadan bunların adları zikr olunur: Məhəmməd Qədəqi, İbrahim Ürəvi, Fazil İmaqi, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünasi. Yuxarıda isimləri zikr olunan şüəradan--ki, cümləsi xan əsrlərinə mənsubdurlar,--ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsrinin və ondan sonra vücuda gələn bir çox şüəranın ustadı və pişrəvi olubdur. Sadə ana dilimizin şivəsində əvvəlcə şer yazan Molla Pənah Vaqif olubdur. Kitabımızın əvvəlinci cildindən Molla Pənah dövrü başlanır. Çün Molla Pənah cavanlıq sinnindən əsl vətəni olan Qazax mahalını tərk edib, Qarabağ xanlığına hicrət eləyibdir və orada İbrahim xanın ən müqərrəb adamlarından birisi olub və ömrünün axırına kimi Qarabağda qalıb namü şöhrət qazanıbdır, ona binaən onun tərcümeyi-halına rücu etməkdən müqəddəm lazım bildik ki, yeni bina tutmuş Qarabağ xanlığının övzavü əhvalından şəmməi məlumat verək; bir halda ki, şairin sərgüzəştini Qarabağ xanlığının tarix və keyfiyyətindən ayırmaq olmaz və bundan maəda Şuşa şəhəri mənbeyi-fəzlü kamalat olub, bir çox mahir ədiblər və rəvantəb şairlər ərseyi-vücuda gətiribdir. * * * Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır. Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir: Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni Vəqtdir çıxmağa dünya qapısından, əyilin. Füzuli kimi məşhur və mötəbər şairin tərcümeyi-halına dair məlumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir məxəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol dürri-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağətünvanının dibaçəsində ol fəsahət bustanının əndəlibindən və ibarət çəməninin bülbülündən, yəni Füzulinin öz lisani-bəlağətsəncindən halına dair bir para məlumat verilir, xüsusən, onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir. Məzkur müqəddimədən məlum olur ki, Füzuli uşaqlıqdan şer və qəzəl deməyə ziyadə həvəsnak imiş və ol [dürri]-yeganənin hənuz səbi ikən üfüqi-təbinə hilali-mövzuniyyət tülu etmişdir və xurşidvəşlərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əşarının şöhrəti çox yerlərə dağılmışdır. Necə ki, özü deyir: Seyti-fəsahət ilə sözüm tutdu aləmi, Mən məhdi-etibardə tifli-zəbun hənuz. Buyi-xoşumla oldu müəttər dimağlər, Mən nafeyi-vücuddə bir qətrə xun hənuz. Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hülyeyi-elmdən müərra görüb, bir müddət nəqdi-həyatın ülumi-əqliyyə və nəqliyyə kəsbinə sərf edibdir və öz əsrində mütədavil fünun və ülumun cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şer və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şükufələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mişkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bəzi mötəbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəmi lisana malik və camei-fünuni-nəzm və nəsr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdən təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna [xüsusən] böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir: Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. Ləhceyi-türki qəbuli-nəzmi-tərkib eyləsə, Əksəri-əlfazı namərbut, nahəmvar olur. Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm, Novbahar olğac tikandan bərgi-gül izhar olur. Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təqlidən bir şey vücuda gətirməmişdir. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayıbdır. Əazimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal "Osmanlı ədəbiyyatı nümunələri" nam məcmuəsində buyurubdur: "Bağdad gülzar ədəbiyyatının əndəlibi-xoşəlhanı olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görəmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcək bədaye vücuda gətirmiş. Bu bədayei bir şairdən deyil, bəlkə dərələrin cuşeşindən, ruzigarın iniltisindən, bir ahunigahın suzişindən, bir təbəssümün təsirindən, bir bədəvi qızın hüsni-məsumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir". Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: "Əgər bir şəxs bizə bu gunə sual versə: "Bəlkə Füzulidən əvvəl ərəblər, əcəmlər "Leyli və Məcnun"u, "Yusif və Züleyxa"nı, "Xosrov və Şirin"i yazmış olsunlar da Füzuli də təqlid etmiş olsun?" Biz cavab veririz: "Xeyr! Hətta mərhumun ruhi-lətifi nitqə gəlib bizə bu babdə: "Bən də müqəllidəm!"--demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmiş olsun. Fəqət "Leyli və Məcnun" təqlid olmaq üzrə yazılan asardan deyil. Bəs nədir? Bütün göz yaşlarıdır. Lakin burasını düşünməli: iqtibas başqa, təqlid yenə başqadır. Bünaünileyh "Leyli və Məcnun" bütün-bütün Füzuliyə aiddir. Bu xəzineyi-qiymətdara heç bir əcnəbi müdaxilə edəməz!" "Leyli və Məcnun" barəsində aşağıda söz olunacaqdır. Divani-əşarın cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqe eləyir ki, onun divani-kəlamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yəni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-etibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-istedadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz…. Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: "İlahi! Bu məhəbbətnameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təbi-füsunsaz və nəticeyi-idraki-sehrpərdazımdır, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və mətləi-lətifin xücəstə və hümayun edəsən". Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dərəceyi-qəbula irişdi və onun təbi-füsunsazından vücuda gələn fərzəndi-dilbəndi, yəni divani-əşarı hər ölkə və diyarda əziz və möhtərəm oldu. Bundan əlavə, Füzuli həqqdən niyaz edir ki, "bu məhbubi-cahanpeymanı və şahidi-rənanı ümumən əhli-fəsaddan və xüsusən üç tayifeyi-bədnihaddan hüsni-himayətində məhfuz və məhrus qılsın. Bu üç tayifədən biri ol katibi-naqabildir ki, xameyi-müxalifəttəhriri tişeyi-bünyani-maarifdir və kilki-küdurəttəsiri memari-binayi-zəxarifdir. Gah bir nöqtə ilə "məhəbbət"i "möhnət" göstərər və gah bir hərf ilə "nemət"i "niqmət" oxudar: Qələm olsun əli ol katibi-bədtəhririn-- Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər. Gah bir hərf süqutilə qılır "nadir"i "nar", Gah bir nöqtə qüsurilə "göz"ü "kur" eylər. Biri ol naqisi-bədsavaddır ki, təbi-namövzunu ilə məclisü məhafildə dəvayi-istedad qılıb, şer oxuduqda nəzmi nəsrdən seçilməyə və ədayi-süstü ilə şahidi-məni camalından niqab açılmaya: Binəsib olsun nəimi-xülddən ol zişt kim, Namülayim ləhcəsi mövzunu namövzun edər. Tişeyi-ləfzi binayi-nəzmi viran eyləyib, Süst göftarı fəsahət əhlini məğbun edər. Və biri ol hasidi-cəfapişədir ki, təbi-namövzunu ilə dəvayi-şer edə, amma dəqayiqi-əşarə sahibşüur olmaya və idraki-rəkiki ilə lafi-nəzm ura, amma həqayiqi-göftarə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kor edib, idrakına etimad edə və cahillər hüzurunda bihudə-bihudə laflar urub, hərzə-hərzə dəxllər eyləyə, ta kim, şerdən zövqi-istima gedə: Xəzandır gülşəni-ürfanə hasid, İlahi, hasidi xar eylə daim. İşidir mərifət əhlinə azar, İlahi, hasidi zar eylə daim. Füzuli türklər ədəbiyyatında "Ustadi-şüəra" ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində "Ustadül-məkatib" ismilə dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) "Külliyyati-divani-Füzuli", 2) "Hədiqətüs-süəda". 3) "Şikayətnamə" ki, nəsr ilə yazılmışdır və bu axırıncı əsər bizim nəzərimizə çatmayıbdır. "Külliyyat"a daxil olan əsərlər bunlardır: Müqəddimətül-kitab, qəsaid, tərkibbənd və tərcibənd, "Bəngü badə", "Nişançı Paşa xidmətinə yazılan məktubi-hikmətüslub", "Saqinamə", "Mərsiyə dər həqqi-xamisi-Aliəba həzrəti-Seyyidüş-şühəda", qəzəliyyat, müsəddəsat, müxəmməsat, mürəbbeat, əlmüqəttəat, "Dastani-Leyli və Məcnun". Bu "Külliyyat"ın ən mötəbər çapı sabiqdə İstambulda fars dilində təb olunan "Əxtər" cəridəsinin mətbəəsində 1308-ci sənədə çap olunanıdır. Bu divani-Füzuli artıq diqqətlə təshih olunmuş nüsxələrdən birisi olub, açıq və aydın hürufat ilə sarı rəngə mail kağız üstə təb olunmuşdur. "Hədiqətüs-süəda" on bir baba təqsim olunubdur. Bu qərar üzrə: Əvvəlinci bab bəzi ənbiyayi-üzam və rüsüli-kiramın surəti-əhvalları bəyanındadır. İkinci bab Həzrəti-Rəsulun Qüreyşdən çəkdiyi əzaların bəyanındadır. Üçüncü bab həzrəti-Seyyidül-mürsəlinin keyfiyyəti-vəfatı bəyanındadır. Dördüncü bab Həzrəti-Fatimeyi-Zəhranın vəfatı bəyanındadır. Beşinci bab Əliyyül-Mürtəza həzrətlərinin vəfatı bəyanındadır. Altıncı bab Həzrəti-İmam Hüseynin bəzmi-bəlada sağəri-bəqa nuş etdiyi bəyanındadır. Yeddinci bab Həzrəti-İmam Hüseynin Mədinədən Məkkəyə təvəccöhü bəyanındadır. Səkkizinci bab Müslüm ibn Əqilin şəhadəti bəyanındadır. Doqquzuncu bab İmam Hüseynin Məkkədən Kərbəlaya təvəccöhü bəyanındadır. Onuncu bab Həzrəti-İmamın ləşkəri-Yezid ilə müharibəsi bəyanındadır. On birinci bab xatimeyi-kitab və müxəddərati-əhli-beytin Kərbəladan Şama getdikləri bəyanındadır. Tətimmeyi-kitabda on iki imamın təriqi-icmal üzrə əhvalları bəyan olunubdur. "Hədiqətüs-süəda" dəxi türk dilində inşa olunubdur. Bu bərgüzidə əsərin türk lisanında təhrir olunmağının səbəbini Füzuli bu minval üzrə bəyan edib, itmamına həqqdən müavinət istəyir: "Çün cəmi müddətdə məcalis və məhafildə təqrir olunan vəqayeyi-Kərbəla və keyfiyyəti-əhvali-şühəda farsi və tazi ibarətində bəyan olmağın əşrafi-ərəb və əkabiri-əcəm təməttö bulub, əizzeyi-ətrak ki, cüzi-əzəmi-tərkibi-aləm və sinfi-növi-bəni-adəm olub, sətri-zaidi-səhaifi-kütüb kimi süfufi-məcalisdən xaric qalıb, istifayi-idraki-həqayiqdən məhrum qalırlardı, bu səbəbdən iqtizayi-ümumi-matəmi-Ali-əba zəbani-hal ilə məni-xaksarə təərrüz etdi və dəsti-təərrüz ilə giribanım tutdu ki, ey pərvərdeyi-xani-neməti-şahi-Kərbəla--Füzuliyi-mübtəla, nola ki, bir tərzi-mücəddədə müxtəre olasan və himmət tutub bir məqtəli-türki inşa qılasan ki, füsəha türki zəbanında istemalından təməttö bulalar və idraki-məzmunundan ərəbdən və əcəmdən müstəğni olalar. Q İ T Ə Təkrari-zikri-vaqieyi-dəşti-Kərbəla, Məqbuli-xasü amü siğarü kübardır. Təqrir edənlərə səbəbi-izzü ehtişam, Təhrir edənlərə şərəfi-ruzigardır. Bu həqir və fəqir ki, bu nəsihəti isğa qıldım və bu xidmətin məhz səadət olmağın mühəqqəq bildim, ədəmi-istitaət və qilləti-bizaətdən ehtiraz və ictinab etməyib tərtibinə təvəccöh qıldım. Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardır, zira ki, əksəri-əlfazı rəkik və ibaratı nahəmvardır, ümmiddir ki, hikməti-övliya itmamına müsaidət və əncamına müavinət qıla. N Ə 3 M Ey feyzrəsani-ərəbu türkü əcəm, Qıldın ərəbi əfsəhi-əhli-aləm. Etdin füsəhayi-əcəmi İsadəm, Mən türkzəbandan iltifat eyləmə Ləm. İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əfalsan. Bilirsən ki, səndən qeyri müinü müzahirim yoxdur və ətrafü cəvanibdə hasidü müanidim çoxdur. Əmimi-məkarimindən və kərimi-mərahimindən təvəqqe budur ki, bu binayi-mücəddəd təmirində və bu mülki-müəbbəd təsxirində əlfazü məanidən cəmi məsalihim mühəyya qılasan və ərbabi-həsəd və əshabi-inad hücum etdikcə mənə müinü müsaid olasan: "innəkə ələ kulli şeyin tədirun". Əgərçi "Hədiqətüs-süəda" nəsr ilə təhrir olunubdur və bəzi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şerlər vasitəsilə şərhi-məna qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir--desək, səhv etməmiş olarıq. Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və "Leyli və Məcnun" hekayəsi məktəblərdə təlim kitabı olub, uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təlim almış adamlardan hər birisini dindirsən, "Leyli və Məcnun" hekayəsinin ibtidasını--"Dehqani-hədiqeyi-hekayət, Sərrafi-cəvahiri-rəvayət…." başlayıb əzbərdən oxuyacaqdır. Amma çoxları bu qəribə hekayənin mənasını əsla fəhm etməyib, tutuquşu kimi ancaq onun ləfz və ibarəsini öyrənmişlər. O ki, qaldı Azərbaycan şairlərinə, onlardan çoxu Füzuliyə peyrəvilik edib, xüsusən qəzəliyyat və müxəmməsat qismi əsərlərində ustadi-giramiləri getdiyi təriqi ixtiyar edib, onunla getmişlər və bəziləri bu müqəllidlikdə övci-məqama yetişib, fünuni-şerdə böyük bir məharət kəsb etmişlər. Məsələn, Nuxa şairlərindən məşhur İsmayıl bəy "Nakam" təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı bir nəzirə xeyli mərğub və dilpəsənd kəlamlardan birisidir. MÜSƏDDƏSİ--FÜZULİ Dün sayə saldı başimə bir sərvi-sərbülənd-- Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd. Göftarə gəldi ta ki, açıb ləli-nuşxənd, Bir püstə gördüm onda tökər rizə-rizə qənd. Sordum:--Məgər bu dürci-dəhəndir--dedim, dedi; --Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin! Əymiş hilali üstünə tərfi-külahini, Çox dilşikəstənin göyə yetirmiş ahini, Zülfün dağıtdı, gizlədi əbr içrə mahini, Gördüm yüzündə həlqeyi-zülfi-siyahini. --Ol piçü tabı çox nə rəsəndir?--dedim, dedi: --Dövri-rüxümdə rişteyi-canındürür sənin! Vermiş füruğ şəmi-rüxi gün çirağına, Salmış şikəst sərv qədi gül budağına, Dün sərv tək basanda qədəm göz bulağına, Bir neçə xardən ələm irmiş ayağına. --Gül bərginə batan nə dikəndir?--dedim, dedi: --Mücgani-çeşmi-əşkfişanındürür sənin! Seyr ilə saldı bağə güzər ol səmənüzar, Ənvai-zibü zinət ilə fəsli-novbahar, Tökmüş gül üzrə sünbüli-giysuyi-müşkbar, Yaxmış ayağına yenə gülbərg tək nigar. --Nəsrinə rəngi-lalə nədəndir?--dedim, dedi: --Qəmzəm xədəngi tökdüyü qanındürür sənin! Seyli-sirişkim oldu rəvan xaki-kuyinə, Can valeh oldu ləli-ləbü göftguyinə, Dil düşdü dami-silsileyi-müşkbuyinə, Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə, --Əqrab məhi-münirə vətəndir?--dedim, dedi: --Vəhm eylə kim, xətərli qiranındürür sənin! Düşmüş üzarı üzrə müənbər səlasili, Aşüftəhal edib neçə bisəbrü bidili, Əqlimi valeh eylədi şəklü şəmayili, Göz gördü qamətin, dilü can oldu mayili. --Vəh, bu nə türfə sərvi-çəməndir--dedim, dedi: --Mənzuri-dideyi-nigaranındürür sənin! Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab, Gül çöhrəsindən aldı səba pərdeyi-hicab, Gülzarə çıxdı seyr edə ol rəşki-aftab, Şəbnəm nisar etdi günəş lölöi-xoşab. --Lölömü, yoxsa dürri-Ədəndir?--dedim, dedi: --Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin! Bu dürri-Ədən və löleyi-xoşab ilə arastə və tərtib olunmuş kəlami-behcətəngizə nəzirə olaraq İsmayıl bəy Nakam demişdir: Kuyi-nigarə duş gedib eylədim büka, Guş eləyib fəğanımı ol türki-dilrüba, Dərdimi bildi, heyrətimi gördü cabəca, Rəhm etdi halimə, dedi:--Ey ərseyi-bəla, Kim eyləmiş bu dərdə səni mübtəla? Dedim: --Mən bilməm özgə, aşiqi-heyranınam sənin…. i.a. Bu kəlamın tamamisi cənab Nakamın seyrü süluku babında dərc olunacaqdır. Oraya baxmalı! Nakamdan əlavə Qasım bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Hacı Seyid Əzim Şirvani, Bixud, Mustafa ağa Nasir, Qövsi, Molla Qədir Naci və Azərbaycanın qeyri müzzəm və məşhur şairləri Molla Məhəmməd Bağdadiyə peyrəvilik edib, fünuni-şerdə özləri üçün şan və şöhrət kəsb etmişlər. Zənnimizcə, Fuzulinin nüfuzu xeyli müddət bizim Azərbaycan şairlərinin asari-qələmiyyələrində müşahidə olunacaqdır və onun ruhpərvər olan əşari-mütəəddidəsinin hüsni-təsirindən bizim şüəranın da təbləri səfalanıb, nuraniyyət kəsb edəcəkdir. Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəşət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şerlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-təsirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu təsirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama-mənəviyyət aləminə tərəf çəkəcəkdir. Burada nümunə üçün uzaq getməyib, divani-qəzəliyyatından əvvəlinci qəzəlinə iktifa edəlim ki, məhəbbəti-əzəli ilə başlanıbdır: Qəd ənarəl-eşqə lil-üşşaqi mənhacül-hüda, Saliki-rahi-həqiqət eşqə eylər iqtida. Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam Meydə təşviri-hərarət, neydə təsiri-səda. Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir-- Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda. Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi Aşiqi məşuqdən, məşuqi aşiqdən cüda. Ey kim, əhli-eşqə söylərsən: məlamət tərkin et! Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-xuda? Eşq kilki çəkdi xətt hərfi-vücudi-aşiqə-- Kim, ola sabit həq isbatında nəfyi-maəda. Ey Füzuli, intihasız zövq buldun eşqdən, Böylədir hər iş ki, həqq adına qılsan ibtida. Bu şerləri mütaliə etdikdə, filhəqiqə, oxucular bir növ həqiqət yolunda səy edən saliklər cümləsinə daxil olub, onların fikir və xəyalı vadiyi-vəhdət tərəfinə meyil edir ki, onda sultan ilə gəda və əğniya ilə füqəra arasında bir fərq və təfavüt yoxdur. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şerim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şer əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şerlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Fuzulinin qələmi-gövhərrizindən vücuda gələn lölö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təbi-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əşari-həkimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə təlim üçün verilən "Leyli və Məcnun" dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şerlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer "Məhəbbət nədən ibarətdir" sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şerlərində tapırıq. O fikirlər ki, alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç-dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir. Fuzulinin həkimanə kəlamlarından nümunə üçün ancaq "Leyli və Məcnun" hekayəsinin ibtidasında dərc olunmuş münacatın bəzi yerlərini burada yazmaqla iktifa edirik: BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ MƏDƏNİNDƏN BİR GÖVHƏRDIR. Ya rəb, kərəm et ki, xarü zarəm, Dərgahə bəsi ümidvarəm. Topraqdan eylədin bir insan, Müstövcibi-əqlü qabili-can. Gər can isə xaki-dərgəhindir, Vər əql isə saliki-rəhindir. Mən gülşəni-can içində xarəm, Ayineyi-əqli pürqubarəm. Ol gün ki, yox idi məndə qüdrət, Qıldın mənə qeybətimdə rəğbət. Can verdinü sahibi-dil etdin, İdraki-ümurə qabil etdin. Yüz şükr ki, yox sənə xilafım, İnsafım varü etirafım. Öylə deyiləm ki, bu aradə Sədd ola sülukim etiqadə. Rahi-tələbində biqərarəm, Əmma tələbimdə şərmsarəm. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Bir ərsədə hər əsər ki, gördüm, Sənsən dedim ol əsər, yügürdüm; Çün verdi xəyal ona xəmü piç, Mən münfəil oldum, ol əsər hiç. Mən əqldən istərəm dəlalət, Əqlim mənə göstərər zəlalət. Təhqiq yolunda əql netsin, Əmavü qərib qanda getsin? Tövfiq edəsən məgər rəfiqim, Ta səhl ola şiddəti-təriqim. Dünya nədirü təəllüqatı, Əndişeyi-mövtdür həyatı. Əmma deməzəm yalandır ol həm, Sərmənzili-imtəhandır ol həm. Billah ki, bu dilfərib mənzil Öylə mənə verdi rahəti-dil-- Kim, əski məqamımı unutdum, Sandım vətənim, məqam tutdum. Müşkül gəlir indi tərkin etmək, Bir özgə məqama dəxi getmək. Mən böylə qılıram etibarı-- Kim, bunda olur könül qərarı. Əmma çü sənindürür bu göftar-- Kim, dünyadan özgə axirət var. Oldur ki, məqami-cavidandır, Kami-dilü rahəti-rəvandır. Göftarına etiqad qıldım, Ol dəxi yek olduğunu bildim. Bildim bu imiş sənin muradın-- Kim, əhli-kəmal ola ibadın, Bunda yetə rütbeyi-kəmalə, Onda yetə dövləti-vüsalə. Bu rahdən etmək olmaz ikrah, Xoşrahdürür sənə gedən rah. Ol ləhzə həm etmə şəfqətin kəm. Tövfiqinə qıl rəfiq hər dəm. Çün əql ilə can əmanətindir, Məndə əsəri-inayətindir. Bunları mənimlə zar qılma, Bir neçə əzizi xar qılma! Ta kim, bu məqamı tərk edəndə, Məndən sənə əzm edib gedəndə, Məndən cəzə ilə getməsinlər, Dərgahə şikayət etməsinlər. Şum olmasın onlara vüsalım, Olmasın olardan infialım. Etmək gərək əhli-feyzi-biniş, Təhqiqi-vücudi-afəriniş. Bilmək gərək onu kim, cəvahir Nə gənci-nihandan oldu zahir? Nə dairədir bu dövri-əflak, Nə zabitədir bu mərkəzi-xak? Cismə ərəzi kim etdi qaim. Narə nədən oldu nur lazim? Hər xilqətə gərçi bir səbəb var, Aya, səbəbi kim etdi izhar? Gər kaf ilə nundan oldu aləm. Aya nədən oldu kafü nun həm? Bihudə deyil bu karxanə, Bifaidə gərdişi-zəmanə. Haşa ki, bu türfə nəqşi-qərra Nəqqaşından ola mübərra. Haşa ki, bu bargahi-ali, Bir dəm əyasından ola xali, Fikr eylə və gör, nədir bu üslub, Nə saniədir bu süni-mənsub? Hər zərreyi-zahirin zühuri Bir özgəyə bağlıdır zəruri. Gər ğayətə eyləsən təəmmül, Zahir olur onda məzhəri-küll. Versən özünə fənayi-mütləq, İsbat olur ol fəna ilə həqq. Gər var isə mərifət məzaqi, Fani sənə bəs dəlili-baqi. Həqqa ki, həmin vücud birdir, Bir zatə vücud münhəsirdir. Əksidir onun vücudi-əğyar, Mənidə yox etibar ilə var. Var olanı xəlq yox sanırlar, Yox varlığına aldanırlar. Yoxdur bu vücudun etibarı, Həq ayinədir, cahan qübarı. Ey əql, ədəbə riayət eylə, Bu bilmək ilə kifayət eylə! Təhqiqi-sifatə qane olgil, Əndişeyi-zatə mane olgil! Ol pərdəyə kimsə rah bulmaz, Təhqiq bil, onu bilmək olmaz. Gər yetsə idi bu sirrə idrak, Deməzdi rəsul "maərəfnak". Xəlq oldu bu bəhri-heyrətə qərq, Ta xəlqdən ola xaliqə fərq. Hər riştə ki, həqq əyan edibdir, Sərriştəsini nihan edibdir. Faş oldu ki, sirri-həq nihandır, Aləmdə nişanı binişandır. BU, İZHARİ-ETİRAFİ-CƏHALƏTDİR VƏ İQRARİ-İSRAFİ-MƏSİYYƏTDİR. Ey hikmətə baxmayan nəzərsiz, Əhvali-zəmanədən xəbərsiz! Tən etmə ki, çərx bivəfadır, Daim işi cövr ilə cəfadır. Şərh eylə mənə ki, çərx netdi? Ondan nə cəfa zühura yetdi? Nən var idi kim, əlindən aldı, Nə mərtəbədən aşağı saldı? Dövranə gətirdi mehrü mahi, İçində səpidiyü siyahi. Gəh atəşə zəcri-ab verdi, Gəh badə qəmi-türab verdi. Şəmi-əməlin münəvvər etdi, Hər nə dilədin müyəssər etdi; Qıldı səni hiçdən bir adəm, Əsbabi-tənəümün fərahəm. Çərxin xud işi səninlə böylə, Sən neylədin onun ilə, söylə! Hər dəm onu bivəfa oxursan, Dönsün--deyü bəddua oxursan. Çün ol sənə qıldı mehribanlıq, Yaxşılığa eyləmə yamanlıq! RUHA XİTAB Ey ruh ki, cami-cəhl edib nuş, Hübbi-vətən eylədin fəramuş. Kim saldı səni bu təng rahə, Qandan düşdün bu damgahə? Sən tərk qılıb ədəm diyarın, Bulduqda vücud etibarın, Qılmışdı səninlə hikmətüllah, Əcnasi-həvasü əqli həmrah. Ta aləmə qəldiyin zamanda, Bazari-tərəddüdi-cahanda Sərmayələrindən edəsən sud, Ol sud nədir?--Rizayi-məbud. Hala ki, xəsarət oldu vaqe, Sərmayələrin təmam zaye. Heyranü mükəddərü təhidəst, Əhvali xərabü rütbəsi pəst. Dönsən yenə gəldiyin məqamə, Qabilmi düşəsən ehtirama? Əlbəttə, zəlilü xar olursan, Bu fel ilə şərmsar olursan. NƏFSPƏRƏST QAFİLƏ XİTAB Ey nəfspərəstü cismpərvər, Olma qəmi-hirs ilə mükəddər! Səy eylə mətai-mur yığma, Cəhd eylə əzabi-gur yığma! Alma ələ səğari-meyi-nab-- Kim, qərqə edər səni bu girdab! Olma nigərani-səbzeyi-bəng-- Kayineyi-dininə salır jəng! Dəf kimi köksdə ləhv qoyma! Ney kimi həvayi-nəfsə uyma! Damani-təriqi-şəri tutgil, Hər nə ki, xilafi-şərdir, unutgil! Təhqiqi-vəsileyi-vüsul et! Təqlidi-şəriəti-rəsul et. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada Muza adlı şer ilahəsinə rücu edib, ondan kömək və mədəd dilərdilər. Bu adətə oxşar əski əcəm və ərəb və türk şairləri dəxi saqiyi-safzəmirə və sadəruya üz çöndərib, ondan kərəm və himmət dilərdilər. Füzulinin "Leyli və Məcnun" qisseyi-pürqüssəvü məlalının ibtida və intihasında və hekayənin bəzi məqamlarında yazdığı saqinamələr onun ən xoşməzmun və dilpəzir kəlamlarından ədd olunsa gərəkdir. Bu saqinamələrdə o qədər mühəssənat, lətafət və mövzuniyyət vardır ki, onları yazmaqla başa gələsi deyil. Onları diqqətlə oxuyanlar bir tərəfdən dünyayi-dunun qeydindən və nəfsi-şumun hirs və təməindən, alçaq və rəzil əməllərdən, pis işlərdən, fasid və batil fikirlərdən xilas olub, nuraniyyət kəsb edirlərsə də, digər tərəfdən onların qəlbi bir növ məhzun və könlü tutqun olur. Bu hala səbəb oldur ki, Füzuliyi-şikəstə-halın qələmi-gövhərsənci tökdüyü dürri-safın əksəri gözdən tökülən əşki-müsəffaya bənzəyir, nəinki şadlıq çəmənində yağan barana. Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub, aləmi-insaiyyətdə tamami qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir. Füzuli tamam aləmin dərd və qəmin çəkdiyini "Hədiqətüs-süəda"nın axırında bəyan edir. Bu qəm və ələm nüsxəsini tamam etdikdən sonra şair füzəlayi-bəlağətpişə və füsəhayi-diqqətəndişədən təvəqqe və rica edir ki, binayi-təlifinə və tərhi-təsnifinə diqqət yetirdikdə, islahi-xətasına iqdam və ehtimam edələr və mühərririn duayi-xeyir ilə yad edib, qəbuli-üzr ilə hər nöqsanın tamam qılalar. Və sonra bu şeri gətirir: Hücumi-möhnəti-dövran məluli, Giriftari-qəmi-aləm Füzuli. Deyil ol ləhceyi-göftarə qabil-- Kim, ola qabili-səmi-əkabir. Qılır cəmiyyəti-dil ləfzi dilkəş, Müşəvvəş söyləməz, illa müşəvvəş. Gəl, ey hali-təkəllümdən xəbərdar, Tərəhhüm qıl, təərrüz qılma zinhar! "Leyli və Məcnun" hekayəsinin səbəbi-nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: Bu, bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır. Bu hekayənin nə badəsinə nişatdan rəng, nə nəğməsinə fərəhdən ahəng var. İdrakı verir xəyala azar, əfkarı edər məlali əfkar. Hərkah bu, bir bəhcət gətirən və fərəh yetirən hekayə olsaydı, bunun tövcihinə rağib olanlar çox olardı. Bu, pürməlal bir dastandır ki, hər bir fəsihin halını pərişan edib nitqini bağlar və sözlərini kutah elər. Necə ki, bu babda Nizamiyi-şirinkəlam deyibdir: Əsbabe-soxən neşato nazəst, Zin hər do soxən bəhane sazəst. Meydane-soxən fərax bayəd, Ta təb dər u honər nəmayəd. Dor gərmiye-riko səxtiye-kuh, Ta çənd soxən rəvəd beənbuh. [1] [1] Tərcüməsi: Sözün ləvazimatı şadlıq və nazdır, Söz özünü bu iki vasitə ilə göstərir. Sözün meydanı gərək geniş olsun-- Ki, təb onda hünər göstərə bilsin. İsti qumda və bərk dağda Heç qiymətli söz demək olarmı?! Füzuli Şeyx Nizaminin bu sözlərini saqinaməsində zikr edib deyir: Bir iş ki, qılır şikayət ustad Şagirdə olur rücui bidad. Amma bu əmr nə qədər düşvar isə də, Füzuli onu əncama gətirməyə şüru edib, öz təbi-lətifindən və qələmi-gövhərrizindən himmət tələb edir; Ey təbi-lətifü əqli-vala, İdraki-büləndü nitqi-guya! Düşdü səfərim diyari-dərdə, Kimdir mənə yar bu səfərdə? Hər kimdə ki, vardır istitaət, Dərdü qəmü möhnətü qənaət, Oldur bu müsafirətdə yarım, Zövq əhlinə yoxdur etibarım…. QƏLƏMƏ XİTAB Ey xameyi-sərkəşi-səbükxiz, Vəqt oldu ki, olasan göhərriz! Mən acizəmü bu əmr müşkil. İmdad dəmidir, olma qafil! Asari-mürüvvət eylə izhar, Bir təprən, əgər mürüvvətin var! Sən qıl hünəri, mən alayım ad, Sən çək ələmi, mən olayım şad. Çün nəxli-hədiqeyi-hünərsən, Müftahi-xəzineyi-göhərsən, Cəhd eylə, çıxar cəvahiri-pak, Fikr etmə ki, yoxdur əhli-idrak! Demə ki, bulub kəsad bazar, Bulmaz bu mətaimiz xəridar…. * * * Ey bəxt, vəfasız olma sən həm, Həmrahlıq et bizimlə bir dəm. Əlhəqq, demək olur, bu əmri-müşkili, yəni "Leyli və Məcnun" hekayəsini ustadi-şüəra və əfsəhi-füsəha Molla Məhəmməd Bağdadi Füzuli kəmali-fəsahət və bəlağət ilə əncama yetiribdir ki, onda zərrəcə bir qüsur yoxdur və ümumi-şüəra və üdəba bu qövlə şərik və müqirrdir. * * * Molla Pənah "Vaqif" təxəllüsləri Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir. Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar. Vaqif ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şerlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən hissiyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları şövqü həvəsə gətirir. Molla Pənah artıq fəsih və şirinzəban və hazırcavab bir vücud imiş ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiş. Onun həməsri aşıq Əli Qaracadaği Kəlibəri Molla Pənahı bu gunə tərif edibdir: Bu gövhər sözlərin, ey alicənab, Tamam aşiqlərin səminə gəlmiş. Fəsahətdə, bəlağətdə sənin tək İnanma ki, ruyi-zəminə gəlmiş. Bu əsrdə şairlərin xanisən, Müdərrisə bərabərsən yəni sən, Elmin mədənisən, gövhər kanisən, Eşidənlər sözün dəminə gəlmiş. Aşiq oldum bir qaməti-rənayə, Onu sevdim, canım düşdü bəlayə, Vallah, billah, sən düşdüyün sövdayə, Artıq mən fəqirin sərinə gəlmiş. Əli çəkər geçə-gündüz ahü zar, Kəsildi müdara, getdi ixtiyar, Vaqif olsun bu mənadən xəbərdar, Mədinə kuyinə Səkinə gəlmiş. Molla Pənahın əsli Qazax mahalından, bir rəvayətə görə Həsənsu kəndindən və qeyri bir rəvayətə görə Salahlı qəryəsindəndir. Axırıncı rəvayətin doğru olmağına bir para dəlillər mövcuddur. Belə ki, Molla Pənahın nəslindən indi də Slahlı qəryəsində vardır ki, "Mehdioğlu" ləqəbi ilə məşhurdurlar. Çünki Molla Pənahın babası Mehdioğlu adlanırdı və onlar Sarıqamış adlanan yerdə olurdular. Sarıqamış keçmişdə Salahlı qəryəsinin səfalı bir hissəsi idi. Məlum ola ki, Salahlı qəryəsi Molla Pənahın əsrində özgə bir məkanda idi. Onun mövqeyi Kür çayının sağ tərəfi idi və özü də çaya çox yavuq idi. Müruri-əyyam ilə yaz fəslində məzkur çay daşdıqca Salahlı kəndini basıb və qumsal yerləri yuyub və orada olan dam-daşları uçurub tələf edib. Ona binaən Salahlı əhalisi əvvəlki yurdlarını tərk edib kənara açıqlığına çıxıblar və bu halda basəfa yerdə özləri üçün gözəl təmirat tikdirib orada olurlar. Molla Pənahın Salahlı qəryəsindən olmağına öz yazdığı şerlər dəxi şəhadət verir. İbrahim xan bir vaxtı Tiblisə səfər edəndə Molla Pənahı dəxi özü ilə aparıb və əsnayi-rahda Molla Pənah xandan izn alıb, öz vətənini və qohum-əqrəbasını ziyarət etmək üçün gəlibdir. Və lakin burada bir neçə gün iqamət etdikdən sonra öz əhlü əyalının müfariqətinə tab gətirməyib, münasibi-hal bu fərdləri deyibdir: Vətən xoşdur, deyə, Vaqif, məni çəkdin Salahlıya; Nədir onda səlahın kim, çü yari-canfəza yoxdur. Əzəl başdan şəkərləblər olurdu Sarıqamışda, Gəlib sordum sorağın, şimdi onlardan səda yoxdur. Hicrətin 1172-ci ilində--ki, tarixi-məsihiyyənin 1759-cu sənəsinə mütabiqdir,--Gürcüstan padşahı İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquuna görə Qazax mahalından bir neçə elat Gürcüstan hökumətinin zülm və təəddisindən təngə gəlib, Qarabağ vilayətinə köçüb gediblər. Məzkur elat bunlardır: Qaraçarlı, Cinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Səfikürd, Boyəhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Bu köçmək elat içində "eldöndü" adlanır. Məzkur elatın təmamisi köçməyib, onlardan bəzi oymaqlar öz vətənlərində qalmağı qürbət vilayətə köçməyə tərcih ediblər. Molla Pənah dəxi öz obası ilə müttəfiq Qarabağa hicrət edib Cavanşir mahalında sakin olur. Məlum ola Qazaxdan köçən obaların çoxusu Cavanşir mahalında Tərtərbasarı özləri üçün məhəlli-iqamət intixab ediblər. Molla Pənah bir neçə vaxt təzə vətənində qalıb, oradan Şuşa şəhərinə azim olur. Əvvəl vaxtlarda Molla Pənahın məaşı çox təng keçirmiş. Bu barədə həzl təriqi ilə münasibi-hal bu şerləri yazıbdır ki, onun pərişan halını və şikəstə xatirini eyni ilə bəyan edir: Bayram oldu, heç bilmirəm neyləyim. Bizim evdə dolu çuval da yoxdur. Dügiylə yağ hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə, Xalq batıbdır noğla, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahibcəmalımız var, Vaqif, öyünmə ki, kamalımız var. Allaha şükür ki, kamal da yoxdur. Molla Pənah ziyadə maddəli, elmli və zirək bir adam olduğuna görə, əlbəttə, həmişə zillət və üsrət ilə güzəran etməyəcək idi. Onun ağır günləri və kasıblığı tezlik ilə xeyrə və xoş günə mübəddəl oldu. Qala şəhərinə varid olandan sonra Molla Pənah, bəzi rəvayətə görə, indiki Saatlı məhəlləsində təlimi-ətfal üçün bir məktəb açır. Şuşa şəhərində əvvəl güşad olan Molla Pənahın məktəbi olubdur. Burada Molla Pənah uşaqlara dərs deməyə məşğul olub, yavaş-yavaş təzə bina olunmuş şəhərdə özünə dost və aşina cəm eləyir. Öz fitrət və qabiliyyəti sayəsində az vaxtda şöhrət və hörmət kəsb edib, Qarabağın əyan və əşrafı arasında mötəbər və ləyaqətli adamlardan birisi hesab olunur. İbrahim xanın müqərrəblərindən bir nəfəri onun yaxın dostu imiş və xanın sarayında olan əhvalatdan hər dəm Molla Pənaha söylərmiş. Molla Pənah artıq həvəs və diqqətlə haman əhvalata və xandan sadir olan hökm və əmrlərə qulaq asarmış. Bir dəfə xanın bir şikayətçiyə etdiyi ziyadə biməzmun və gülünc binagüzarlığını Molla Pənah eşidib, öz xəyalından keçirir ki, mən tezlik ilə gərəkdir xana müdəbbir və məsləhətçi olam. Və filhəqiqətə çox çəkmir ki, Molla Pənahın tərif və tövsifi xanın qulağına çatıb, onu hüzuruna dəvət eləyir və xan mollanın elmü kəmalına və adabü əxlaqına diqqət yetirəndən sonra onu bəyənib, eşikağası mənsəbini ona verir və sonralardan Molla Pənahın kəmalının dərəcəsini və sahibi-əqlü tədbir olmasını anlayıb, onu özünə əvvəlinci müdəbbir eləyir. Belə ki, xanın cəmi işlərinə dəxlü təsərrüfü olur. Molla Pənahın Qarabağa--İbrahim xanın qapısına düşməyinə özgə bir rəvayət də budur ki, Molla Pənah Daşsalahlıda məşhur Şəfi əfəndidən elm təhsil edir imiş. Daşsalahlıda molladan bir xəta üz verməyə görə, orada artıq qala bilməyib gedir yaylağa. Çün o vaxtı yay mövsümü imiş. Şəfi əfəndi Molla Pənahın dağa getməyindən xəbərdar olub izhari-təəssüf edir ki, heyfa ki, Molla Pənah elmini tamam eləmədi və öz arvadına deyir ki, son axırda eşidərsən ki, Molla Pənah böyük bir şəxs olacaqdır. Çünki o, çox zirək, maddəli və cövhərli adamdır. El dağdan enəndə Molla Pənah vətəninə qayıtmayıb, Gəncə tərəfə azim olur və orada Şah Abbas məscidinin canibindəki hüceyrələrin birisində özünə sığınacaq tapıb yenə başlayır təhsili-elmə məşğul olmağı. Bu heyndə Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə Gəncədə dustaq imiş. Arvad məscidə gəlir ki, xana ərizə yazdırıb versin, taki xan onun oğlunu azad eləsin. Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, deməsin ki, ərizəni kim yazıbdır. Qarının ərizəsi Cavad xana ziyadə xoş gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qarı əavəlcə cavab vermir. Amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb, ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mənə hər nə ərizə yazılsa, tamamını sən yaz və hər birinə bir qızıl qələmhaqqı al və Molla Pənah bu sayaq edirmiş. Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xanın mülaqatına gəlibmiş. Burada İbrahim xan Cavad xandan bir qabil mirzə təmənna edir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərif edib, öz qonağına mirzə verir və ona tapşırır ki, oradan mərhəmət nəzərini kəsməsin. İbrahim xan xoşhallıq ilə onu qəbul edib, özü ilə Qarabağa aparır, orada onu özünə ən müqərrəb şəxslərdən birisi edir. Amma bizim anladığımıza görə, əvvəlki rəvayət gərəkdir artıq səhih olsun və Əhməd bəy Cavanşir dəxi Molla Pənahın barəsində rus dilində yazdığı bir fəqərə ona şəhadət verir ki, Molla Pənah öz elatı ilə XVIII əsrin əvaxirində Qazax mahalından köçüb Qarabağa gəlmişdi. Əvvəl dəfələrdə Mollanın artıq üsrət ilə güzəran etməyini Əhməd bəy də təsdiq edib, sonralardan onun öz elm və mərifəti səbəbindən xana müqərrəb olmasını göstərir. 1209-cu səneyi-hicriyyədə--ki, miladın 1795-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah əsakiri-əzim və ləşkəri-kəsir götürüb, Qarabağı və Tiflisi və İrəvan və Gəncə və Talış vilayətlərini təsxir etmək üçün röyəti-əzimət əfraştə edib Azərbaycana varid oldu. Onun məşhur sərkərdəsi şahsevən Əliqulu xanı bir para sair xanlar ilə İrəvan qalasını təsxir etmək üçün təyinü müqərər buyurub, özü dəxi İran qoşunun tamamən götürüb, cəmiyyəti-firavan və əsakiri-bipayan ilə Şuşa qalasın təsxir etməyə və İbrahim xana tənbeh etməyə Arazdan keçib, Qarabağa varid oldu və qalanın on iki mənzilliyində ordusu ilə düşüb aramyab oldu. Məlum ola ki, ol vaxtda Tiflis valisi İrakli xan və İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mirmustafa xan İbrahim xan ilə and içib sözbir olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birilə müttəfiq və həmrəy olsunlar. Bu əhdə görə, Qarabağın elat camaatından xan bir parasına izn vermişdi bəziləri Tiflis səmtinə və bəziləri İrəvan səmtinə getmişdilər və baqi elatın ki, əksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sakin olub, çox süvarə və piyadə böyük və kiçik toplar ilə amadeyi-cəng olub, qaladarlıq əsbabına məşğul var idilər. Otuz üç gün Ağa Məhəmməd şah qalanın həvalisində əyləndi və o qədər sipahi-əzim ilə qadir ola bilmədi ki, qalanın üç-dörd verstliyində olan Şuşa çayının kənarına yavuqlaşa bilsinlər. Qarabağın atlı və piyada qoşunu, elat və dehat əhlləri və mahali-Dizaq və Vərəndə və Xaçın məlikləri dərələrdə, meşələrdə və güzərgahlarda qarət və təsəllüt əllərin qızılbaş qoşununa açıb, hər gün onlara zərərlər yetirib və kəsiblər gətirib müzahim olurdular. Mərhum Mirzə Cəmal vəzir Qarabaği yazır ki, "ol vaxtda mən həm özüm İbrahim xanın hüzurunda idim və hər gün sadir olan vaqeatı, vəqaye və əhvalatı görürdüm və Qarabağ əhli--müsəlman və erməni külli qoşun ilə xanın hüzurunda cəngə amadə durmuşdular. Bir gün Ağa Məhəmməd şah xanı qorxutmaq və xövfə salmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi-Seyid Məhəmməd Şirazı təxəllüsdən İbrahim xana yazıb göndərdi: Ze məncənəqe-fələk sənge-fetne mibarəd, To əbləhane gerefti miyane-Şişe qərar. [1] [1] Tərcüməsi: Fələyin mançanağından fitnə daşı yağır, Sən əbləhcəsinə Şişə içərisində qərar tutmusan. Bu kağız xana yetişən kimi verdi öz nədimi-həzrəti və müşiri-məmləkəti Axund Molla Pənah "Vaqif" təxəllüsə. Axund mütaliə edib, filfovr haman məktubun dalına bu fərdi özü inşa edib xana verdi və o da geri yollandı. Haman fərd budur: Gər negəhdare-mən anəst ke mən midanəm, Şişera dər bəğəle-səng negəh midarəd. [2] [2] Tərcüməsi: Əgər məni qoruyan mənim bildiyimdirsə, O, şüşəni daşın ağuşunda qoruyar. Elə ki, Ağa Məhəmməd şah bu kəlamı oxudu, atəşi-qəzəbi cuşa gəlib, əmr elədi ki, qalanı gülləbaran edib, saiqəbar və atəşkirdar toplara od qoysunlar. Amma nə xan və nə onun əyanü ənsarı və dilavər qoşun sərkərdələri əsla qorxmayıb, bu gunə təhdidatı nəzərə almadılar və gecə-gündüzlər Qarabağın atlı və piyada qoşunu fövc-fövc yolları kəsib, Ağa Məhəmməd şahın ordusuna gələn azuqə karvanını və ordudan kənara çıxan qoşun əhlini və ulağını tutub öldürüb, əsir və qarət edib, xanın hüzuruna gətirirdilər. Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hücum etdi ki, qalanı təsxir eləsin, amma İbrahim xanın rəşid və qoçaq süvarə və piyadə əsakiri və dilir olan sərkərdələri onun müqabilinə çıxıb, mərdanə dava edib, onu məyus və məğlub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın əli puça çıxıb, Gürcüstan səmtinə üz qoydu. Çiləbörd mahalının məliki Məlik Cünun və Gəncə xanı Cavad xan Ağa Məhəmməd şahı Qarabağdan salamat çıxarıb, Tiflis səmtinə vali üstünə aparmağa bələdlik və dəlillik etdilər. Ağa Məhəmməd şah Tiflis şəhərini fəth və qarət edəndən sonra Muğan səhrasına qayıtdı, bu qəsd ilə ki, qış fəslini orada keçirib, baharda yenə Şuşa qalasının üstə gəlsin. Amma qışın axırlarında şaha İrandan xəbər gəldi ki, Şiraz və Kirman vilayətlərində inqilab düşübdür. Lütfəli xan Zənd şaha yağı olub, ol vilayətlərə təsəllüt tapıbdır. Bu xəbəri eşitcək Ağa Məhəmməd şah Qala üstə gəlməyi mövquf edib, İran səmtinə mütəvəcceh oldu. Bu halda Rusiya sərdarı general Zubov Yekaterinanın əmri ilə Gürcüstan padşahı İraklinin istimdadına Dərbənd şəhərinə yetişdi və Qalanı müsəxxər qılıb, Səlyana gəldi və oradan Şamaxı həvalisinin qürbündə ordusu ilə bir gözəl səhrada əyləşdi. İbrahim xan öz oğlu Əbülfət xanı Qarabağın neçə şayistə bəyzadələri ilə cins atlar və mərğub töhfə və hədiyyələr ilə Zubovun hüzuruna göndərib, kəmali-riza və rəğbət ilə öz xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət qıldı. Və xülusi-təmam ilə bir ərizə Molla Pənaha yazdırıb, imperatoriçə Yekaterinaya göndərdi. General Zubov Əbülfət xana və onunla gedən bəyzadələrə və sair elçilərə artıq hörmət və izzət göstərib, xanın ərizəsini mərsul olunmuş mötəmid ilə öz eşikağasına qoşub, Rusiya imperatoriçəsinin qulluğuna göndərdi və İbrahim xana yaxşı və ləyaqətli tövfələr göndərdi və onların cümləsindən mürəssə cəvahirli əsa xanın müşiri Molla Pənah Vaqifə tərsil elədi. Hicrətin 1212-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1797-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah ikinci dəfə, bahar mövsümü olanda sipahi-besyar və əsakiri-bişümar ilə Qarabağa, Şuşa qalasının üstə gəlməyə azim oldu və İbrahim xanın rus imperatoruna itaət göstərməyini eşitmişdi. Ona görə xana onun ədavət və küdurəti həddən ziyadə idi. Çün o vaxtı Qarabağ vilayətinə afəti-səmavi və ərzi üz vermişdi və böyük aclıq və qəhətlik hüsula gəlmişdi və necə ki, bu aclığın barəsində Qarabağın məşhur müvərrixi Mirzə Cəmal yazır: "Buğdanın bir çetverti (yəni səkkiz pudu) yüz manata, arpa və darının çetverti altmış manata çətinlik ilə tapılırdı və xalq at, eşşək və qatır əti yeyirdilər. Onların, əlbəttə, dava və döyüş etməyə qüvvət və tavanaları yox idi və hərə bir tərəfə dağılmışdı. Çox adamlar aclıqdan həlak olurdular. İbrahim xan gördü ki, Ağa Məhəmməd şahın hücum və hərəkətinə müqabilə etmək qeyri mümkündür, ona görə labüd öz evini və ətfal-əyalını və cannisar olan mülazimlərini və bir para məruf və xəvassları özü ilə götürüb. Dağıstanın Car və Tala vilayətinə azim oldu və orada Bələkanda Ümmə xanın evində sakin oldu. Və bu tərəfdən Ağa Məhəmməd şah davasız və şavasız Qala şəhərinə varid olub, İbrahim xanın böyük oğlu general-mayor Məhəmməd Həsən ağanın imarətində əyləşdi və bu heyndə çox adamları qətlə yetirdib, Molla Pənahı zindana saldırdı. Bu qəsd ilə ki, onun haqqında böyük siyasət eləsin, çünki onun İbrahim xana müqərrəb olmağını eşitmişdi və qədimdən onunla əlavəti var idi". Mirzə Cəmal qalabəyi öz tarixində Molla Pənahın ölmək əhvalatını bu sayaq yazır: "Molla Pənah bir sahibi-kəmal və müdəbbir, təcrübəkar və xoşgöftar bir adam idi və özü dəxi İbrahim xanın vəziri və çox mötəmidi idi ki, ümuri-hökumətdə [İbrahim xan] Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və xan dəxi qəlbən ona inanıb, etimad etmişdi. Belə ki, övladından artıq onun xatirini mənzur tutardı və ona çox hörmətlər edib, ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car-Bələkana gedən vaxtda Molla Pənah, bir rəvayətlə muğanlı Cəmil ağanın ittifaqı ilə--ki, Təklə Muğanlı həm əslən qədim Qazax elindəndirlər,--ikisi Tiflis canibinə getmişdilər və oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətə görə, Ağa Məhəmməd şahın qorxusundan Qarabağdan qaçıb, xanın dalısınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvalisində Gəncə hakimi Cavad xan onu özünə ümdə və böyük sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onun qətlinə şövqmənd idi. Elə ki, Molla Pənahı dəstgir edib Ağa Məhəmməd şahın hüzuruna gətirdilər, axşam olmağına görə, şah buyurdu ki, onu möhkəm saxlasınlar ki, sübh açılanda onu əzim siyasətlə qətlə yetirəcəyəm. Əzqəza iş belə gətirdi ki, haman gecə şahın özü qətlə yetişdi və Molla Pənah salamat qaldı. Çün Molla Pənahı qürüba bir və ya iki saat qalmış əlibağlı Məhəmməd Həsən ağanın imarətinin qapısına gətirdilər ki, şah orada mənzil etmişdi, Məhəmməd Hüseyn xan Qacar sərkeşbaşı--ki, şaha çox müqərrəblərdən idi,--axundu qapıda əlibağlı görüb, soruşdu ki, bu kimdir? Cavabında dedilər: "Bu haman Molla Pənahdır ki, eşidibsiniz". Və haman dəm ağzını föhş və latayilata açıb, Molla Pənaha çox yaman föhşlər və itab-xitablər elədi. Axundi-biçarə ərz elədi ki, ey xani-əzimüş-şən, siz böyük şəxssiniz və padşahi-İranın mötəmidi və müqərrəbi-hüzurusunuz, layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə dərmandələrə yaman kəlmələr və föhşü hədyan sözlər buyurasınız. Sizin rütbə və məratibinizə şayistə budur ki, ətvar və əxlaqi-həsənə və köftar və rəftari-nəcibanə sizdən zühur eləsin və bu günə dərmandə, əsir və xayif olan acizlərə siz gərək dildarlıq verib, əltaf və mərhəmət və əfvü ətayə ümidvar qılasınız, nəinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub, dilazarlıq edəsiniz. Məhəmməd Hüseyn xan bu gunə əlamatdan əsla mütəəssir olmayıb yenə föhş və hədyanını ziyadələndirdi. Molla Pənah "hər ke dəst əz can beşuyəd, hər çe dər del darəd bequyəd" [3]. [3] Tərcüməsi: Canindan əl çəkən adam ürəyində nə varsa, deyər. məzmununca dəxi tab gətirməyib, haman biədəb xanın cavabını ziyadə föhşkarlıq və dürüştgöftarlıq ilə verib dedi: "Ey xani-nanəcib, qəzayi-sübhanı və dövri-zamanı və müqəddimeyi-fərdanı sən nə bilirsən? Bəlkə sabah şah mənə ənam və xələt də verib xoşhal və azad edəcəkdir və ya fələki-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri təriq ilə yol gedəcəkdir?! Şəbabestonəst, ta çe zayəd səhər [4]. [4] Tərcüməsi: Geçə hamilədir, görək gündüz nə doğacaq. Əgər dustağəm--dustaği-şahəm. Sən nəçisən ki, mənə bir zərrəcə asib yetirəsən. Haman bu gunə göftar və rəftar sənin məhz nanəcib və naqabilliyinə nişanədir. Haqq taala kərim və rəhimdir. Türklər məsəlidir: "Mıxı mismar eləyən xaliq var". Belə rəvayət olunur ki, haman gecə ki, Molla Pənah dustaqxanada məhbus idi və sabahı günü gərək ona tənbeh və bazxast oluna idi, Ağa Məhəmməd şahı iki nəfər pişxidmətləri--Səfərəli bəy və Abbas bəy qətlə yetirdilər. Molla Pənah sabaha kimi yatmayıb, başladı. Ağa Məhəmməd şahın dünyada neçə müddət ömür sürməyini və nə vaxtı fövt etməyini hesablayıb cüstücu etməyə. Buna görə rəml atıb, qism-qism sıfırlar yazıb, onları sağdan sola və soldan sağa keçirib, çox diqqətlə hesaba baxanda ona yəqin oldu ki, şah gərəkdir haman gecə qətl olunub, bir də sübh tüluunu və günün şəfəqini görməyə onun macalı olmasın. Ürəyi təskinlik tapıb, zindanböyüyündən soruşdu ki, şəhərdə təzə bir əhval və şuriş yoxdur ki? O, cavab verdi ki, bir şey bilmir. Molla Pənahın gözünə yuxu getməyib, sübh tezdən yenə zindanbandan istifsar etdi ki, şəhərdə nə xəbər var? Şuriş və inqilab asarı müşahidə olunmur ki? Zindanböyüyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib, cavab verdi ki, o, bir xəbər eşitməyibdir. Amma çox çəkmədi ki, Ağa Məhəmməd şahın qətlə yetişmək xəbəri şəhərə dağıldı. Böyük şuriş və qovğa əmələ gəldi. Qızılbaş xanlarının hər birisi sərasimə və pərişan öz təvabeləri ilə əllərinə gələni götürüb, fövc-fövc yola düşüb qaçmağa şüru elədilər və şəhər xalqının bəziləri şah olan imarətə tökülüb, qarət etməyə başladılar. Ağa Məhəmməd şahın başını--ki, bədənindən cüda etmişdilər,--bihörmət edib, təpiklər altına salmışdılar. Tamami dustaqxana əhlini azad etdilər. Molla Pənah dəxi səlamət zindandan çıxdı; "mıxı mismar eləyən tanrı" onun dadına yetişdi və çoxlarını Ağa Məhəmməd şahın qəzəbindən xilas elədi. Şahın bu sayaq məqtul olmağı Molla Pənaha ziyadə təsir edib, aşağıdakı əşarı Molla Vəli "Vidadi" təxəllüsə--ki, o da əhli-təb və onunla birelli idi,--yazıb göndərdi: Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax! Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmü adil padşahi-qadirü qəhharə bax! Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq, Gecəki iqbalı gör, gündüzdəki idbara bax! Taci-zərdən ta ki, ayrıldı dimağı-pürqürur, Payimal oldu təpiklərdə səri-sərdarə bax! Mən fəqirə əmr qılmışdı siyasət etməyə, Qurtaran məzlumu zalimdən o dəm qəffarə bax! İbrət et Ağa Məhəmməd şahdan, ey kəmtər gəda, Ta həyatın var ikən nə şahə, nə xunkarə bax! Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, Nə qıza, nə oğula, nə aşina, nə yarə bax! Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə, Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax! Ağa Məhəmməd şahın bu gunə hökmi-adili-padşahi-qadirü qəhharın qəzəbinə giriftar olub, qəflətən ölməyi barəsində Mirzə Cəmal Qalabəyi öz tarixində bu şeri yazıbdır: Ari, bu növ adət edibdir bu ruzigar, Hərgiz cəlalü şövkətinə yoxdur etibar. Nakam, həsrət ilə gələnlər gedib tamam, Sultanü xan, mirü gəda, şahü şəhriyar. Dilşad olmağa hanı fürsət zəmanədə, Beş gün murad ilə keçə, haşa, bu kəcmədar. Hərçənd Molla Pənah Ağa Məhəmməd şahın əlindən xilas oldu, amma Məhəmməd bəyin əlində giriftar və məqtul oldu. Məhəmməd bəy dəxi İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi ki, rəşadət və şücaətdə məşhur bir xoşsurət və hünərmənd cavan idi ki, hamı xəlayiq onu sayıb hörmət edərdilər. Ağa Məhəmməd şah məqtul olandan sonra Məhəmməd bəy onun tamami nəqdi-cinsinə sahib və mütəsərrif olub və Qarabağ əhlini başına cəm edib, bir neçə müddət, İbrahim xan Bələkandən müraciət edənə kimi, hökmranlıq elədi. Məhəmməd bəyin Molla Pənahı öldürtməyinə bir neçə səbəblər göstərirlər. Əzancümlə birisi budur ki, Molla Pənah İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbiri-kar bir şəxs idi. Ol vaxt Məhəmməd bəy ona çox hörmət edərdi ki, onun vəsatəti və tədbiratı səbəbinə İbrahim xana yaxın ola və bir para mətləbləri və muradı var idi, xahiş edirdi ki, Mollanın tədbiri ilə xandan o mətləblər hasil ola. Amma Məhəmməd bəyin düşməni çox idi. Tamam əmizadələri və İbrahim xanın əqrəbaları və müqərrəbləri ona hasid və müanid idilər və mane olardılar ki, məbadə xan Məhəmməd bəyi özünə müqərrəb edə və həmə vəqt onun pisliyini xana söylərdilər və Məhəmməd bəy bu barədə Molla Pənahdan bədgüman olmuşdu. Bir səbəb dəxi bunu göstərirlər ki, Molla Pənahın Qızxanım adında bir cəmilə övrəti var idi ki, Məhəmməd bəy onun hüsnü camalının tərifini eşidib, ona məhəbbət və əlaqə bağlamışdı. Övrət cahilə və cavan, axund qoca və piran idi və bundan əlavə Məhəmməd bəyin rəşadət və şücaəti, xoşəndam və kamalü fərasəti və padşah xəzinəsi əlində olmağı övrəti dəxi də ziyadə əlaqələndirmişdi və o, Məhəmməd bəyə demişdi ki, nə qədər ki, Molla Pənah hali-həyatdadır, mən şərən sənə gedə bilmərəm və bu səbəbə Məhəmməd bəy Molla Pənahın qətlinə həris idi və bir səbəb də bu idi ki, bir para bədxahlar özlərinin səlahı üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Molla Pənahı öldürtsün, ta ki, onlar Məhəmməd bəyin hüzurunda sahibi-kar və nəfbərdar olsunlar. Qərəz, hər hal ilə olmuş isə də, yəqini budur ki, Məhəmməd bəyin əmrilə Molla Pənahı oğlu Əliağa ilə və bir qövlə görə, Qasım bəy ilə Cıdır düzü adlanan yerdə--ki, Şuşa şəhərinin günçıxan səmtində bir səfalı yerdir,--həlakətə yetiriblər. Belə rəvayət olunur ki, çün Molla Pənahı oğlu Əliağa ilə qətlgaha gözübağlı aparırdılar və qətlgah Xəzinə qayası hesab olunurdu--ki, ziyadə dəhşətli, uca və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə atarlarmış,--əsnayi-rahda Molla Pənah onu qətlgaha apardıqların anlayıb, getməyə taqəti olmayır və bilaixtiyar yerə yıxılıb təvəqqe edir ki, əvvəlcə onu qətlə yetirsinlər ki, oğlunun ölməyini görməsin. Burada onların hər ikisini qətlə yetirirlər. Haman yerdə Mollanı dəfn edib, qəbrinin üstə günbəz tikdiriblər ki, "Molla Pənah günbəzi" adı ilə məşhurdur. Amma bu halda haman günbəz uçub dağılıbdır. Onu təzələyib qaydaya salmaq Qarabağ şüəra və üdəbasının mühüm vəzifələrindən hesab olunur. Molla Pənah qətl olunubdur haman salda ki, Ağa Məhəmməd şahın məqtul olunması vaqe olubdur, 1212-ci tarixi-hicriyyədə ki, miladın 1797-ci ilinə mütabiqdir. Qətlə yetişən zaman təxminən həştad sinnində imiş. Molla Pənah Vaqifin asarü əşarına gəldikdə kəmali-təəssüflə bunu deyə bilərik ki, onlar əlan nüdrətən tapılmaqdadırlar və Azərbaycan türklərinin çoxusu onlardan bixəbərdirlər. Hicrətin 1244-cü sənəsində--ki, miladın 1828-ci sənəsinə mütabiqdir,--Mirzə Yusif Qarabaği məşhur Mirzəcan bəy Mədədovun ilhah və təvəqqeyinə görə, bir məcmuə tərtib elədi. Haman kitabça "Məcmueyi-Vaqif" adlanıbdır ki, onun dibaçəsində müxtəsərən Vaqifin tərcümeyi-əhvalı zikr olunub və onun əşarından və kəlamından ümdələri əvvəl müəmmərim və müxəmməsat və ondan sonra qəzəliyyat və mürəbbat yazılıbdır. Haman məcmuə 1272 (1856)-ci sənədə Teymurxanşurada təb olunubdur ki, indi çox çətinlik ilə tapılır. Və bundan əlavə bir məcmuə dəxi Adolf Berjenin səy və himməti ilə tərtib olunub, 1867-ci sənədə Leypsiq şəhərində çap olunubdur. Əgərçi bu məcmuə "Azərbaycan şüərasının asarı və əşarı" adlanır, amma ona ancaq Molla Pənah Vaqifin, Qasım bəy Zakirin və bir para Qarabağ şairlərinin kəlamı daxil olubdur. Belə ki, "Qarabağ şüərasının asarı" təsmiyə olunsaydı, dəxi də haqq və savab olardı və cənab Berjenin məcmuəsini tərtib edən Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov olubdur ki, ol cənabın şer və ədəbiyyata artıq meylü həvəsi var idi. Bu məcmuə dəxi əlan çox az tapılır. Bundan əlavə Molla Pənah Vaqifin divani-əşarı sabiqdə "Təzə həyat" ruznaməsinin və bəd "Sədayi-həqq"in müdiri mərhum Haşım bəy Vəzirovun səy və ehtimamı ilə 1326-cı sənədə--ki, tarixi-məsihiyyənin 1908-ci ilinə mütabiqdir,--Badkubədə çap olunub, "Təzə həyat"ın müştərilərinə hədiyyə olaraq paylanıbdır. Müştəri olmayanlar üçün nüsxəsi bir manatdan satılmaqdadır. Vaqifin əşari-nəfisəsi Vəzirov cənabları tərtib qıldığı məcmuədə bu qərar üzrə mətbudur: müşşərat, tərcibənd, müəşşərati-müstəzad, müxəmməsat, müxəmməsati-müstəzad, qəzəliyyat və mürəbbeat. Məcmuənin başında Haşım bəy Vəzirov Molla Pənahın tərcümeyi-halına dair bir para məlumat veribdir. Və lakin bu məcmuəyə yenə də Molla Pənah Vaqifin bəzi əşar və kəlamları daxil olmayıbdır. Hər halda Haşım bəyin bu zəhməti şayani-təhsin və təbrik bir əsərdir ki, onda məşhur şairimizin asarı cəm olubdur. Eşitdiyimizə görə, bu kitab satılıb qurtarıbdır. Onun ikinci dəfə təb və ucuz qiymətə intişar olunması məmuldur. Vaqifin əşar və kəlamından bir neçəsini nümunə üçün burada yazmaqdan irəli bu müqəddiməni zikr eləməyi lazım bildik. Molla Pənah milli şair olduğuna binaən, onun şer və qəzəlliyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə, xah müxəmməsat və xah mürəbbeat və xah qəzəliyyat, tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir ki, yuxarıda zikr olundu. Bu qisim əsərlərdən masəva Molla Pənahın bir çox əşar və ədəbiyyatı dəxi vardır ki, onlarda öz müasirlərinin ayinü adatı, adabü əxlaqı və dolanmaları artıq məharət ilə rişteyi-nəzmə çəkilibdir. Belə ki, onlar gələcək nəsl üçün böyük bir yadigar məqamındadır. Hərgah Vaqif ilə Vidadinin bir-birinə yazdıqları kağızları möhtərəm oxucularımız mütaliə buyursalar, sözümüzü təsdiq edərlər. Nümunə üçün onlardan bir neçəsini burada göstəririk. Molla Vəli "Vidadi" təxəllüs həzl və lətifə yolu ilə öz dostu Vaqifə yazır ki, Vaqif, sən nə tez sənəmlərdən usanıbsan ki, onların birini bir inəyə qiymət eləyirsən və bir az vaxt mürur edəndən sonra onların birini bir keçiyə satacaqsan və hətta müştəri naz eləsə, ona minnət də edəcəksən. Sonradan yazır ki, Vaqif, sənin "ipin dolaşıbdır", düşübsən araya və səni qınamaq da rəva deyil, çünki zəmanə dəyişirilibdir--oğul ataya baxmaz, qız anaya. Möhlət ver bir övrət də mən alaram erkən, çatı toxunmaq üçün. Yəni sənin kimi mən də sənəmlərin qədrü qiymətini ucuz tutaram. Vaqif dəxi lətifə sayağında Vidadinin cavabında xan qulluğunda olmağına dair bu şerləri yazır: Ey Vidadi, yenə xan qulluğunda Qaim olub, nə qiymət eylərsən?! Yaman gözdən allah özü saxlasın, İxlas ilə, kişi, xidmət eylərsən. Belə dursan o qapıda qış və yaz, Yetişərsən bir çörəyə sərəfraz, Bu doğru yolunndan əyilsən bir az, Yəqin bil ki, çox xəyanət eylərsən. Bizim hərəmlərdir Quran oxuyan, Üstündən-başından ənbər qoxuyan, Onlar deyil örkən, çatı toxuyan, Kimin işin kimə nisbət eylərsən?! Dolu-dolu qocalıbsan babalıq, İndi belə sal kürkünə yamalıq, Pis övrətin peşəsidir cul, alıq, Yaxşılara onu nisbət eylərsən?! Qapıda uzadar uzun gəbəni, Sayıq dur toyuğa yedirmə dəni, Övrət döyə-döyə öldürür səni, Nə belə yatırsan, qəflət eylərsən. Sizdə ki, bir övrət qurar bir palaz, Boşalıb, olanda əbrişi nasaz, Çağırır, çaxdırır hər yerinə paz, Günün qulağı ta oradan batır. Xoş halına sənin, uzun dırnaqlı, Baldırı çirməkli, yalın ayaqlı, Yorğanı, yasdığı tozlu, torpaqlı Həmdəm ilə hər dəm söhbət eylərsən. Əllərin, üzlərin yuduqları yox, Yaşlarında doğru dedikləri yox, Hazır çobandılar, düdükləri yox, Onlar ilə necə ülfət eylərsən?! Günün qulağı ta oradan batar, Mitilin bürünər çaşta dək yatar, Öz evini tamam özgəyə satar, Əgər yanın bir dəm xəlvət eylərsən. Qəribə hal budur ki, yüz ildən bəri bizim tərəkəmə xalqının dolanacağı dəyişilməyibdir. Necə ki, Vaqifin əsrində onlar narahat və natəmiz və fəna bir halda güzəran edirdilər, indi də haman qərar üzrə məişət etməkdədirlər. Tərəkəmə övrətlərinin çoxusu əsla təmizlik bilməzlər. Necə ki, şair onları vəsf edir, uzun dırnaqlı, baldırı çirməkli, yalın ayaqlı, yorğanı, yasdığı tozlu-torpaqlı, həmin bizim tərəkəmə xalqının övrətləridir ki, əllərin, üzlərin həftədə bir dəfə yumazlar, başların daramazlar, danışmaq bilməzlər və örkən, çatı toxumaqdan qeyri bir şeyə qabiliyyətləri yoxdur. Həqiqətdə "hazır çobandılar, düdükləri yox". Bunlardan əlavə, Vaqifin tərifi-çuxa, nimtənə, kürk, tüfəng və vəsfi-həmmam və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlir isə, həqiqətdə əhli-mərifət nəzərində gözəl əsərlərdir. Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, adabü əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və filcümlə, ol əsrin övza və dəstgahını Vaqif əleyhir-rəhmə--ki, sözün ustadi-bimisli hesab olunur,--gözəl əşar və kəlami-abdar ilə yazıb, gələcək nəsl üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur. Məsələn, Vaqif özü həm molla və şair isə də, vaxtın təqazasına görə onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşürmüş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış. Bu cəhətdən şairin Şirvan hakimi Məhəmmədhəsən xandan tüfəng arzu və təmanna etməyi gərək bizə əcib gəlməsin və tüfəngə onun nə qədər meylü şövqü olmağı şairin öz sözlərindən görünür: Qıvrılır könlüm tüfəngdən dəm vuranda mar tək, Od çıxar ağzından ol dud ilə çaxmaq bar tək, Gülləsi əşkim əsər çeşmim şərarı nar tək, Müşk, barut ətrilə həm türreyi-tərrar tək, Etmədi mütləq dimağımı müəttər bir tüfəng. Şairin tələb etdiyi tüfəng gərəkdir hər cəhətdən bieyb və mümtaz olsun, yoxsa o, hər bir sınıq-sökük tüfəng arzusunda deyil: Hər kim istər kim, vücudi mərəkə ara gərək, Kəndi zatından silahü əsləhə əla gərək, Gülləsilə xuni-əda tökməyə sövda gərək, Gər tüfəng olsa, bizə mümtazü bihəmta gərək, Vaqifa, yoxsa, deyil məqbulumuz hər bir tüfəng. Məhəmmədhəsən xan Şirvani Vaqifin xahiş və təmənnasını, əlbəttə, yerinə yetirib və özü gözəl bir şeri-müxəmməs yazıb tüfəng ilə ona irsal etmişdir və haman kağızda Vaqifin şer və kəlamına təhsin oxuyubdur: Şerinə təhsin ki, yetməz hiç bir əşar ona, Hər kimin var isə həddi, söyləsin göftar ona, Kimsə ləb tərpətməsin kim, gəlməz istifsar ona, Eybdir Müştaqdən bu sözləri izhar ona, Tutmasın nəzm rəkakət, var isə kəmtər tüfəng. Vaqifin gözəl əşarlarından birisi də Tiflisin tərifində yazdığı müxəmməsdir ki, onda Tiflis gözəllərin tərif edib, hamamlarda təbiətdən cari olan suları və Kür çayının suyunu vəsf qılıbdır, valinin mədhi ilə xətmi-kəlam edir. Haman müxəmməsdə Vaqif Tiflisi dünya şəhərlərinin cənnəti hesab eləyir ki, ona huri və pərinin cəmiyyəti yığılıbdır və hər bir qism nemət ilə haqq-taala o məkanı məmlüvv qılıbdır. Belə ki, şair baği-rizvanda dəxi Tiflisin gözəlləri kimi məhvəşləri təsəvvürə gətirə bilmir: Baği-rizvanda əgər huriyü qılman çoxdur, Bu gözəllər kimi məqbulü müzəyyən yoxdur. Nəslbərnəsl gözəllik bulara buyruqdur, Mən görənlər ki, mələkdən, pəridən artıqdur, Hələ derlər ki, bulardan dəxi əlaları var. Hamamların barəsində yazmışdır: Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur, Həşt cənnət kimi hər guşəsi bir mətləi-nur, Bir əcəb abi-rəvan gərm qılıb onda zühur, Şükr təqdirinə, ey qadirü qəyyumü qəfur, Lütfünün bəndələrə neməti-üzmaları var. Mənbəi-cudü kərəmdən açılıb dürri-xoşab, Basəfa hovza dəmadəm tökülür misli-gülab, Görsə bir kərrə onu mən kimi bir xanəxərab, Getməz ondan dəxi bir canibə manəndi-hübab, Getsə də badə başı, mənzilü məvaları var. Gürcüstan valisinin haqqında bu sayaq xeyir-dualar eləyir: Vaqifa, səndə ki, yoxdur bilirəm zöhdü riya, Şərti-ixlas gərək eyləyəsən şimdi əda, Eylə bu valiyə, oğlanlarına xeyr-dua, Saxlasın onları öz hifzi-pənahında xuda, Hasil etsin nə qədər dildə təmənnaları var. Özgə bir müxəmməsində Vaqif valinin oğlu Eulon xanı belə tərif eləyir: Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş, Külli Gürcüstanın üstə sayeyi-sübhan imiş, Düşməni pamal edən sərdari-valaşan imiş, Aləmin sərdəftəri, adı Eulon xan imiş, Saxlasın allah pənahında, əcəb oğlan imiş. Hiç yoxdur nisbəti özgə diyarın xanına, Bir cavandır kim, yaraşır padşahlıq şanına, Dəyməsin afət yeli, ya rəb, güli-xəndanına, Sərbəsər aləm gərəkdir baş əyə fərmanına, Taqi-əbruyi-lətifi qibleyi-iman imiş. Xoş tamaşa eylədim, gördüm tamam ətvarını, Çox bəyəndim özünü, həm ləhceyi-göftarını, Maşallah, zahir etmiş ululuq asarını, Belə sandım ki, mələkdir əvvəla didarını, Xeyli çağdan sonra bildim ki, gözəl insan imiş. Sair oğlundan xanın gər olmadıq biz ruşinas, Manei yox, onları həm eylədik bundan qiyas, Bu çiraq böylə çiraqdır, eyləmiş nur iqtibas, Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas, Valinin ocağı böylə gün kimi taban imiş. Bu əşardan məlum olan budur ki, Vaqif İbrahim xan ilə və yainki muğanlı Cəmil ağa ilə bir yerdə Tiflisə gedən zamanı İrakli padşahın oğlu Eulon xan ilə görüşübdür və bəlkə onun xələt və ənamına nail olubdur. İştə bu münasibətlə onu tərif və tövsif eləmişdir. Həmçinin Vaqif Tiflisdə olan vaxtda və ol beytüs-səfanı seyrü tamaşa edən əsnada onun gözü kəlisadan çıxan tərsa qızlarına sataşıb və onlardan birisi şairi valeh və heyran edibdir: Vaqifəm, ta ki, gözüm onun sataşdı qaşına, İstədi mehrabü mənbərdən xəyalım daşına, Şimdi bildim ki, nə gəlmiş Şeyx Sənan başına, Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına, Ol sənəm vəsli mənimçün ya kəlisadən çıxar. Xan qızının Şuşa qalasından çıxıb, Gəncəyə getməyini dəxi Vaqif suznak sözlər ilə nəzmə çəkib və gözlərinə xitabən deyir ki: Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın Peykanı çıxıb zəxmi-cigərdən gedəcəkdir. Bu xüsusda yazdığı müxəmməsi şair bu bənd ilə tamam edir: Yarın sənə iqrarı gər iqrar isə, Vaqif, Hər dərdi-dilindən ki, xəbərdar isə, Vaqif, Səbr eylə, əgər yar sitəmkar isə, Vaqif, Çək başına, bir fikrin əgər var isə, Vaqif-- Kol sərvqədin sayəsi sərdən gedəcəkdir. Mirzə Cəmalın tarixində İbrahim xan ilə Cavad xanın mabeynində qərabət olduğu yazılmışdır. Vaqifin bu müxəmməsinin bir bəndindən belə anlaşılır ki, xan qızını Gəncəyə gəlin aparırlarmış: Saqi, nə durubsan, sölə, dövran yola düşsün, Hamı dağılıb, mütrübi-xoşxan yola düşsün, Çalsın dəfü ney, naləvü əfğan yola düşsün, Bu gecə gərəkdir irəli can yola düşsün, Fərda ki, sürahiqədü gərdən gedəcəkdir. Vaqifin məşhur müxəmməslərindən birisi də övsafi-dilbər barəsində yazdığıdır. Rəşid Əfəndiyev "Şaki" təxəllüs yazdığı nəzirə də Məhəmməd əleyhissəlamın mədhi barəsindədir. Vaqif: Gülşən sənə yoxdur bu nəzakətdə qərinə, Kuyin çəməni tənə vurar xüldi-bərinə, Sünbül onu görgəc özünü saldı qəminə, Bəh, bəh, nə əcəb, şükr xudanın kərəminə, Olmaz belə qamət, belə gərdən, belə sinə. Şaki: Quranı xuda nazil edib bəndələrinə, Təklif edib onunla qamu aləmi dinə, Vəhyi gəlib ol müxbiri-siddiqül-əminə, Atasıdır Abdulla, anasıdır Əminə, Olsun səlavat ruhi-rəsulüs-səqilinə. İsmi ki, Məhəmməd, yox mədhinə hacət, qurban ola ümmət Bir sahibi-elmə, bir xazini-fənnə, bir baniyi-dinə, Qurban belə elmə, belə fənnə, belə dinə, Bəh, bəh, nə deyim, şükr xudanın kərəminə. Vaqifin müxəmməsi-müstəzadından ən mərğubu budur: Ey zülfü siyəh, sinəbi əbyəz, gözü alə, Nə türfə cavansan! Ağzın kimi yox qönçə, yanağın kimi lalə, Gülzari-cinansan! Görsə yüzünü məh yetər, əlbəttə, zəvalə, Xurşidi-cahansan! Heç bəndə sənə olmaya, ya rəb ki, həvalə, Sən afəti-cansan! Söz yox bu zənəxdanü rüxə, bu xətü xalə, Xubluqda əyansan! Dibaçeyi-lövhə qələmi-katibi-qüdrət Yazmış səni əvvəl, Heç adəmə üz verməmiş əsla belə surət, Pürzinətü seyqəl, Zülfün sözü hər nüsxədədir, ey pəritələt, Bir şərhi-mütəvvəl. Göydə yetirər müttəsil ayə, günə xiclət, Hüsnündəki məşəl. Müjganın urar tənə oxun göydə hilalə, Xub qaşı kamansan! Rəftari-qədin eylədi sayə kimi pamal Şümşadı çəməndə. Qan ağladar ol qönçeyi-xəndanı məhü sal, Lütfündəki xəndə. Sultani-cahan sərvərisən, sahibi-iqbal, Aləm sənə bəndə. Göftarın edər tutiyi-şəkkərşikəni lal, Hər nitqə gələndə. Sən Xosrov olubsan, bəli, hər şəhri-məqalə Şirini-zamansan! Sənsən, sənəma, cümleyi-xubanə şahənşəh, Yox sən kimi dilbər. Bürqə üfüqündən ki, üzün bir çıxa nagəh, Xurşidə bərabər, Salır özünü ziri-niqabə şəfəqi-məh, Manəndeyi-əxtər. İnsan ola bilməz bu sifət pakü münəzzəh, Cəm olsa sərasər. Sən cinsi-mələksən yetişibsən bu kəmalə, Ya ruhi-rəvansan? İsna əşərə çakəri-kəmtər ola Vaqif, Sərdaridir əla, Xaki-dəri-övladi-peyğəmbər ola Vaqif, Neylər dəxi dünya? Ol gündə ki, həngameyi-məhşər ola, Vaqif, Tut daməni-mövla! Fəryadrəsin heydəri-səfdər ola, Vaqif, Xövf eyləmə əsla! Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə, Tövfiq bulansan! Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar. Nümunə üçün bir neçəsini zikr edək; Ay qabaqlı, bulut zülflü gözəlin Duruban başına dolanmaq gərək. Bir evdə ki, böylə gözəl olmaya, O ev bərbad olub talanmaq gərək. Sərxoş durub sarayından baxanda, Ağ gərdənə həmayillər taxanda, Qaşa vəsmə, gözə sürmə yaxanda, Canım eşq oduna qalanmaq gərək. Çıxa sarayından canlar alan tək, Xişmə gələ gəh-gəh qəhri olan tək, Dal gərdəndə qıvrım saçı ilan tək, Tərpənəndə hər yan bulanmaq gərək. Vaqif, sənin işin müdam ah olsun, Səg rəqibin ömrü qoy kütah olsun, Həmdəmsiz kimsənə istər şah olsun, Gədadır ol kimsə, dilənmək gərək. * * * Qaynar gözlərindən, şux baxışından Əcayib fitnələr, fellər görünür. Səf-səf duran siyah kirpiklərindir, Yoxsa ki, gözümə millər görünür? Gedən, getmə, bir bəri bax, ay gedən, Gözüm doymaz sən tək gözəl kimsədən, Gah yaxadan şölə verir ağ bədən, Gah olur ki, nazik əllər görünür. Qəddin tənə vurar o sərvi-naza, Can qurban eylərəm sən tək şahbaza, Üzün kimi, zülfün kimi tər-taza Nə lalələr, nə sünbüllər görünür. Vaqif, yad et səni yad eyləyəni, Mən sevirəm mənə yarım deyəni. Qoymaz göz önündən sevən sevəni, Könüldən könülə yollar görünür. * * * Al geyinib çıxsan gülşən seyrinə, Yığılır başına güllər, dolanır. Məhtabi-hüsnünə bəndə fərmandır, Qulluğunda aylar, illər dolanır. Görməmişəm sən tək bir mələkzadə, Dərdini çəkərəm həddən ziyadə, Kirpiklərin ucu düşəndə yadə, Bağrımın başında millər dolanır. Mən bir Fərhad, sən bir Şirindəhansan, Dərdin zahir, amma özün nihansan, Gözəllik babında şahi-cahansan, Qulluğunda daim ellər dolanır. Ləblərin bağrımı pürxun eyləmiş, Açılmış göz yaşım Ceyhun eyləmiş, Həsrətin Vaqifi Məcnun eyləmiş, Onun üçün gəzər çöllər, dolanır. * * * Doldu dimağıma zülfün ənbəri, Valeh oldu könül həvadən sənə. Əlim yetməz, namə yazıb dərdimi Göndərəydim badi-səbadən sənə. Oturuşun gözəl, duruşun gözəl, Sallanışın gözəl, yerişin gözəl, Xuyun, xülqün gözəl, hər işin gözəl, Bəxş olub bu xubluq xudadən sənə. Qəm evindən saldın küncə Vaqifi, Eylədin muyindən incə Vaqifi, Neçün incidirsən bunca Vaqifi, Nə hasil bu cövrü cəfadən sənə? Sevgili yarın fəraqında badi-səbadan əhval diləyir: Badi-səba, bir müjdə ver könlümə, Ol güli-xəndanım neçün gəlmədi? Xəyalım şəhrini qoydu viranə, Sərvərim, sultanım neçün gəlmədi? Ağzı xeyir sözlüm, dili diləklim, Bir türfə ağ əllim, gümüş biləklim, Qarıçqay cilvəlim, tavus bəzəklim, Libası əlvanım neçün gəlmədi? Qaşı kəman, kirpikləri qəməlim, Ağzı şəkər, dodaqları yeməlim, Əlvan kələğaylı, bəyaz məməlim, Sinəsi meydanım neçün gəlmədi? Vaqif, ilə döndü bir saətimiz, Nə səbrimiz qaldı, nə taqətimiz, Olur indən belə qiyamətimiz, Gəlmədi cananım, neçün gəlmədi? * * * Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, Hər zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayılanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə? Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir. Gözlərin vəsfində yazıbdır: Kaman qaş altında, al yanaq üstə Nə xoş xumarlanır məstanə gözlər, Sürməli kirpikdən oxlar çəkilib, Eyləyir bağrımı nişanə gözlər. Qəmzə peykanilə tökdü qanımı, Xətalara saldı din-imanımı, Əyri durdu, süzgün baxdı, canımı Aldı o şux gözlər, amma nə gözlər. Siması şəhlayi, tərhi badami, Baxışı mehriban, özü hərami, Quldur ona siyah zülfün təmami, Ola bilməz belə şahanə gözlər. Səmən iyli, səhabi zülf, ay qabaq, Qönçə dəhən, dür diş, ərğəvan dodaq, Münəvvər üz, lalə zənəx, tər buxaq, Tamam bir yanədir, bir yanə gözlər. Vaqif ki, düşübdür əqlü kamaldan, Əskik olmaz başı qovğadan, qaldan, Nə zülflərdən bilin, nə xəttü xaldan, Eyləyibdir onu divanə gözlər. Zülfün vəsfində: Ay kənarı qabağında qıy kimi Bürünür, çulğanır yanağa zülfün, Sanasan bulutdur, ənvər üzünü Bədr ayı tək almış qucağa zülfün. Şahmar təki gərdənində bulanır, Güllər bilə sığallanır, sulanır, Həlqə düşüb, buxaq altda dolanır, Baş qoyur, sarınır qulağa zülfün. Xəstə Vaqif onnun sərgəştəsidir, Bağrı qızıl qanın ağüştəsidir, Hər tari-tərrarın can riştəsidir, Qoyma ki, tökülsün ayağa zülfün. Ayrılıqdan şikayət: Yenə məni yaxar-yanar odlara-- Dağılmış ayrılıq saldı, sevdiyim! Mən ha öldüm möhnət ilə, dərd ilə, Can sənin yanında qaldı, sevdiyim! Siyah zülfün buxaq altda qıvrılır, Ala gözlər can almağa sayrılır, Canandan ayrılan candan ayrılır, Xalq içində bir məsəldi, sevdiyim! Sərv qəddin sənubərə tən deyil, Tamam sənin təki gülbədən deyil, Dəxi əzəlki tək sən görən deyil, İndi halım yaman haldı, sevdiyim! Ol Xədicə haqqı, Səkinə haqqı, Xeyrənnisa haqqı, Əminə haqqı, Kəbə, Məkkə haqqı, Mədinə haqqı, Dərdin bu Vaqifi aldı, sevdiyim! * * * Yenə səni gördüm, bağrım oxlandı, Ey əfi baxışlı, havalı sərxoş! Üzün göyçək, qaşın cəllad, gözün şux, Görmədim sən təki maralı sərxoş! Didarına müştaq olub qalmalı, Başına dönməli, dərdin almalı, Bir ayna qabaqlı, əyri calmalı, Əlvan kələğaylı, səfalı sərxoş! Gözləri sürməli, yanağı xallı, Bir laçın sövdalı, tərlan xəyallı, Qolları bazbəndli, boynu heykəlli, Ağ əlləri əlvan hənalı sərxoş! Oturuşu Şirin, duruşu Leyli, Qəmzəsi sitəmkar, yarı gileyli, Gecə-gündüz zövqü səfadə meyli, Həm özü, həm fikrü xəyalı sərxoş! Əqlin aldın, yarə deyin, Vaqifin, Yanaltdın əlifin, beyin Vaqifin, Üz göstərdin, yıxdın evin Vaqifin, Həm özü, həm fikrü xəyalı sərxoş! * * * Sevdiyim, ləblərin yaquta bənzər, Sərasər dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. Nədəndir sözümə cavab verməmək, Həm camal gizlədib, üz göstərməmək, Gecələr gözlərim xabı görməmək Ol siyəh nərgisi-məstanədəndir. Mən ha səni nuri-ilahi sannam, Camalının şöləsinə dolannam, Atəşinə mərdü mərdanə yannam, Bu xasiyyət mənə pərvanədəndir. Bir namə yazmışam can üzə-üzə, Badi-səba, aparasan gülüzə, Soruşar yar ki, bu kimdəndir bizə? Söyləgilən: Sizin divanədəndir. Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadən, nə şanədəndir. Müştaqdır üzünə gözü Vaqifin, Yolunda payəndaz özü Vaqifin, Sənsən fikrü zikri, sözü Vaqifin, Qeyri söz yanında əfsanədəndir. * * * Ey camalı günəş, zülfləri dilkəş, Cana saldın atəş çıxanda sərxoş. Qaldım yana-yana misli-pərvanə, Olmuşam divanə, getdi əqlü huş. Çeşmin aldı cani, zülfün imani, Kirpiklərin qani tökər nihani. Ey Yusifi-sani, məlahət kani, Sənə bənzər hanı dilbəri-ləbnuş. Zəhi pəripeykər, qəddi sənubər, Aləm sənə yeksər qulami-kəmtər, Sənsən əcəb sərvər, sərdari-ləşkər, Sultani-ziəfsər, şahi-dibapuş. Hicrində bizarəm, zəlilü xarəm, Müştaqi-didarəm, ixlaskarəm, Bəsa ahü zarəm, dərintizarəm, Qövlünə əğyarın gəl eyləmə guş. Boyun sərvi-cənnət, gülşənə zinət, Qaşın məddi ayət, qibleyi-taət, Vaqifi-pürmöhnət çox çəkib həsrət-- Ta səninlə xəlvət ola həmağuş. * * * Ey şahı xubların, şuxu dilbərin, Səndən sənubərin xəcaləti var. Xoş yaraşır sənə diba nimtənə, Bu bəzəyin yenə əlaməti var. Bu zibü ziynətin, şanü şövkətin, Meraci-rifətin, babi-dövlətin, Hüsnü məlahətin, çeşmi-afətin, Bu qəddü qamətin qiyaməti var. Məhbubi-müntəxəb, bir alinəsəb, Qəmzəsində qəzəb, sən saxla, ya rəb! Gül ruxlu, qönçələb, turuncu ğəbğəb, Lisanında əcəb hekayəti var. Olmaz belə adəm, yığılsa aləm, Mələkdən mükərrəm, əlavü əzəm, Özü bir şux sənəm, istiğnası kəm, Bizə əmma hər dəm nəzakəti var. Qaşı yay, çeşmi şux, müjganları ox, Cümlə kəsdən artıq, bərabəri yox, Cəmalı yanında ayü gün mənsux, Vaqifin ondan çox şikayəti var. Vaqifin bu mürəbbeatında şayani-diqqət budur ki, hər misra iki hissədən tərtib olunmuş və gözəl qafiyələr ilə bağlanmış bəndlərdən əmələ gəlir. Hər bəndin özünəməxsus mənası ziyadə məharətlə nəzmə çəkilib, gözəlin hər bir əzası öz rəng və təbii haləti üzrə tövsif olunubdur. Məsələn: Məhbubi-müntəxəb, bir alinəsəb, Qəmzəsində qəzəb, sən saxla, ya rəb! Gül ruxlu, qönçələb, turuncu ğəbğəb, Lisanında əcəb hekayəti var. Bir dilbərin ki, əslü nəsəbi ali olsa, qəmzəsində qəzəb görünə və o qəzəbdən allah özü saxlaya, ruxu gül yarpağı kimi lətif, nazik və sürxə mayil ola, ləbi qönçəyə bənzəyə, çənəsi turunc misal müdəvvər və müəttər ola və lisanından xoş avaz ilə əcəb hekayətlər cari ola, əlbəttə, ancaq belə dilbərə məhbubi-müntəxəb demək olar. Başqa bir qafiyəsində Molla Pənah gözəllik nişanəsini belə bəyan edir: Açıq başda olsa əgər bir dilbər, Onda bu nişanlar müəyyən gərək: Əndamı ayinə, qəddi mötədil, Siyah zülfü qamətinə tən gərək. Yanağı laleyi-bahari kimi, Ləbləri yaqutun kənari kimi, Bir dənə nasüftə mirvari kimi, Başdan ayağadək ağbədən gərək. Təmizliyə ola meylü həvəsi, Olmaya aşiqə nazü qəmzəsi, Gül təki qoxuya nitqü nəfəsi, Zülfü ya bənəfşə, ya səmən gərək. Qövli sadiq ola, hər feli həlal, Bilməyə kim, fitnə nədir, məkrü al, Şam kimi qabaqda dura nitqi lal, Kəsilsə də başı dinməyən gərək. Novrəsidə, ondörd, onbeş yaşında, Eyb olmaya kirpiyində, qaşında, Həyasi üzündə, əqli başında, Ağzı, burnu nazik, üzü gen gərək. Tavus kimi çilvələnə hər səhər, Bəzək verə camalına sərbəsər, Dindirməmiş verə könüldən xəbər, İşarə anlayıb hal bilən gərək. Yaşadıqca cavanlana, yenlənə, Bir hicabda, bir pərdədə əylənə, Nitqü nəfəsindən canlar dinlənə, Qulluqda, söhbətdə müstəhsən gərək. Yaxşı canan gərək, Vaqif, can üçün, Çox çalışmaq nədir bu cahan üçün, Bir gözəl lazımdır bizim xan üçün, Vali qulluğunda ərz edən gərək. Belə məlum olur ki, bu şerləri Vaqif xanın xahişinə görə yazıb, valiyi-Gürcüstana firistad etmişdir və ondan arzu və təmənna etdiyi Gürcüstan gözəlidir. Əvvəlki bənddən anlaşılan budur ki, Vaqifin vəsf qıldığı dilbər gərəkdir Minqreliya gözəllərindən alinəsəb bir nəcibə olsun. Çünki Minqreliya keçmişdə "Açıqbaş" adlanarmış, başları açıq gəzməkləri səbəbinə. Odur ki, qafiyə "Açıqbaş" sözü ilə başlanır. Belə rəvayət olunur ki, vali xan üçün üç nəfər vəcihə və gözəl qız göndəribmiş. O qızlardan birisini xan özü alıbdır ki, İzzət bəyimin və Mehdi bəyin anasıdır, adı Nisəxanımdır. Birisini Məhəmmədqasım ağa alıbdır, adı Minaxanımdır və birini də Əbülfət xana veribdir. Yuxarıda zikr olunan gözəl və mövzun qafiyələrdən başqa ki, onların ədədi çoxdur və cümləsinin buraya küncayişi yoxdur, Molla Pənah Vaqifin bir çox şeri-müstəzadı və müxəmməsatı vardır. Onlardan məşhuru əbnayi-ruzigarın bivəfa və dəyanətsiz olmağı xüsusunda yazdığı müxəmməsdir ki, onun məal və məzmunu,--necə ki dünya vardır,--həmişə təzəlik və doğruluq üzrə baqi qalacaqdır. Haman müxəmməs eyni ilə burada dərc olunur: Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim, Beyətü iqrarü imanü dəyanət görmədim. Bivəfadan, lacərəm, təhsili-hacət görmədim. Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmü dərdü fəraq, Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, Munca kim, etdim təmaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan səvayı bir hekayət görmədim. Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman, Hansı qəmli könlü kim, sən edər olsan şadiman, Ol sənə, əlbəttə kim, bədguluq eylər, bigüman, Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman, Bulmadım bir dust ki, ondan bir ədavət görmədim. Alimü cahil, müridü mürşidü şagirdü pir, Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir, Həqqi batil eyləmişlər işlədir cürmi-kəbir, Şeyxlər, şəyyadü abidlər əbusən qəmtərir, Hiç kəsdə həqqə layiq bir ibadət görmədim. Hər kişi hər şeyi sevdi, onu behtər istədi, Kimi təxtü kimi tacü kimi əfsər istədi. Padşəhlər dəmbədəm təsxiri-kişvər istədi, Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi, Heç birində aqibət bir zövqü rahət görmədim. Mən özüm çox kuzəkarı kimyagər eylədim, Sikkələndirdim qübari-tirəni, zər eylədim, Qara daşı döndərib yaquti-əhmər eylədim, Daneyi-xərmehrəni dürrə bərabər eylədim, Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim. Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar, Zərrəcə etməz ədayi-şükri-nemət aşikar, Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim. Eyləyən viranə Cəmişidi-Cəmin eyvanını, Yola salmış bəlkə bəzmi-işrətin çəndanını, Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını? Dönə-dönə imtahan etdim fələk dövranını, Onda mən bərəkslikdən qeyri adət görmədim. Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər, Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər, Alilər xaki-məzəllətdə, dənilər mötəbər, Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər, İşlənən işlərdə ehkamü ləyaqət görmədim. Dövlətü iqbalü malın axırın gördüm tamam, Hişmətü cahü cəlalın axırın gördüm tamam, Zülfü ruyü xəttü xalın axırın gördüm tamam, Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, Başadək bir hüsni-surət, qəddü qamət görmədim. Ey xoş onlar kim, Məhəmməd Mustəfanı sevdilər, Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər, Sidqü ixlas ilə pənc Ali-əbanı sevdilər, Çardəh məsum tək müşkülgüşanı sevdilər, Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim. Ya imam-əl-ins vəl-cinnü şəhənşahi-ümur, Getdi din əldən, bu gündən böylə sən eylə zühur, Qoyma kim, şeytani-məlun eyləyə imanə zur, Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur-- Kim, şəriət məşəlində istiqamət görmədim. Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, Etmədim, səd heyf kim, bir mahruxsarə nikah, Qədrbilməz həmdəm ilə eylədim ömrü təbah, Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim. Vaqifin bu kəlamında hikmətamiz və ibrətəngiz sözlər çoxdur ki, onları şair təcrübə üzü ilə söyləyibdir və əksəri dəruni-qəlbdən çıxan suzişli fəryad və nalələrdir. Bu sözlər acı və pürkədər isə də, mənən haqq və doğrudur. Bunları batil etməyə əldə dəlilimiz yoxdur. Filhəqiqə, hansı bir məkan və zamanda və hansı miləl və əqvamın arasında Vaqifin sözləri məzmundan düşüb cifeyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmalü əfalında kizb və böhtan əvəzində doğruluq, qiybət və şeytanət yerində sülh və sazişlik işlənəcəkdir? Bu suallara təskinlik bəxş edici cavablar vermək olurmu? Tutalım ki, düzlük və sədaqət yoxdur. Bəlkə Adəm atanın övladı arasında haqqşünaslıq, şükrani-nemət, şərm və həya, himmət və qeyrət, etibar və etiqad vardır? Əfsus ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və əfsürdədil eyləyir. Budur, oxuyun: Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar, Zərrəcə etməz ədayi-şükri-nemət aşikar, Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim. Doğrudan da etiqad və etibar, qeyrət və namus, ittihad və ittifaq qeyri millətlər arasında var isə də, heyfa ki, biz müsəlmanlar içində yoxdur. Əgər onlardan bir əsər olsa idi, belə zillət və fəlakətə düçar olmazdıq və bu anə qədər biz də ağ günə çıxardıq…. Şerin qəzəliyyat növündən Vaqifin beş-altı qəzəlləri vardır. Onlardan məşhuru və xoşməzmunu Molla Vəli Vidadiyə yazdığı qəzəllərdir: Kim ki, sövdayi-səri-zülfi-pərişanə düşər, Gah zindanə, gəhi cahi-zənəxdanə düşər. Afəti-dəhr dəyər ol kəsə kim, kamildir, Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər. Mərd igidlər özünə məhbəsi meydan bilər, Sanma ki, nakəsü namərd bu meydanə düşər. Eybdən saf çıxar, pakü mübərra görünər, Hər təla kim, küreyi-atəşi-suzanə düşər. Piçü tabə düşənin işi, bəli, üzdə olur, Zülf bu vəchlə ol gülruxi-cananə düşər. Hər yaman yer ki, ola yaxşıların mənzilidir, Ləl daş içrə, xəzinə dəxi viranə düşər. Şami-qəm şadlıq əyyamına xoş zivərdir, Necə kim, xali-siyəh arizi-cananə düşər. Ey Vidadi, qəmi-hicranə giriftar olmaq Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər. Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər. Bu qəzəldə Molla Pənahın təcrübə və hikmət yolu ilə söylədiyi kəlam və bəzi təşbihat və istiareyi-təmsiliyyə şayani-diqqətdir. Əlhəqq, dünyada afət və bəlaya giriftar olan əksər övqat kamal və mərifət əhli olub, cühəla və dənitəblər eyşü səfada, dövlət və nemət içində ömür sürürlər və nə məqsəd və mətləbdən ötrü xəlq olunmaqlarından və özlərinə borc olan təkliflərdən mütləq bixəbərdirlər. Məhbəs və zindani-bəla mərd igidlər üçün vüsətli meydan mənzələsində olduğu halda namərdlərin hünəri deyil ki, bu meydana qədəm qoysunlar. Dar gün, cismani əziyyətlər və ruhani küdurətlər alitəblərin etiqad və sədaqətini dəxi də möhkəmləndirib, polad kimi onları safa çıxarır; necə ki, atəş kürrəsində qızıl və gümüş safa çıxır. Ləlin yeri daş və xəzinənin yeri viranə künclər olduğu kimi, möhnətsəralar dəxi yaxşıların mənzili olur və hicran qəmində şair həm özünü və həm dusti-həqiqisi Vidadini Yusifi-Kənana təşbih edib bununla təsəlliyab olur: Vidadidən gələn kağız məni fərxundəhal etdi, Bu halı gördü qəm, filhal məndən intiqal etdi. Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə, Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi. Ziyayi-şəms tək yetdi, məni bədr eylədi hala Əgərçi qəddimi dövrani-filmazi hilal etdi. Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır-- Ki, ruhum Xızr tək ondan bəsi kəsbi-kəmal etdi?! Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın, Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi. Bu qəzəldən məlum olur ki, Vaqif bunu ömrünün müsinn çağında yazıbdır ki, candan əziz olan qədrşünas dostunun müfariqətində xeyli cəfalar çəkibdir. Şair Vidadidən vüsul olan naməni könlünün quşuna pərü bal edib onu övci-əlaya qalxızır. Əgərçi keçmiş zəmanənin inqilab və iğtişaşı şairin qəddini əyib hilal qılmışdır və lakin haman dusti-binəzirin naməsi ziyayi-şəms tək onun qəddini rast və qəlbini münəvvər eləyir və səvadi-namə ruhuna səfa və həyati-əbədi bəxş edir. Afərin belə dostluğa və mərhəba bu sədaqətə! Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı qəzələ bənzəyir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluğun şürut və vəzifəsi nə olduğunu bildirib, ümum nasə xitabən yazmışdır. Amma Vaqif isə öz dostundan gələn kağızdan məsrur olub onun qədr və mənzələsini bəyan edir. Sədi əleyhirrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr saçıbdır: Yar an bovəd ke səbr konəd bər cəfeye-yar, Tərke-rezaye-xiş konəd bər rezaye-yar. Gər bər vocude-aşeqe-sadeq nəhənd tiğ, Binəd xətaye-xiş nəbinəd xətaye-yar. Yar əz bəraye-xiş gereftən təriq nist, Ma nəfse-xiştən bekoşim əz bəraye-yar. Mən rəh nemibərəm məgər anca ke kuye-dust, Mən sər neminəhəm məgər anca ke paye-yar. [5] [5] Tərcüməsi: Yar odur ki, yarın çəfasına dözsün, Yarın təmənnası xatirinə öz təmənnasından əl çəksin, Əgər həqiqi aşiqin bədəninə qılınç çalsalar, belə O, öz xətasını görər, yarın xətasını görməz. Yar ançaq zevq almaq üçün deyil, Biz öz nəfsimizi yardan etru öldürdük. Mən dostun astanasından başqa bir yol tanımıram, Mən yar ayağını qoydutu yerdən başqa yerə başımı qoymaram. Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dost rizası və səlahı yolunda tərk edib, ondan mal və canını müzayiqə etməyə, dostun adı çəkilən yerdə başdan keçə. Heyfa ki, bu vəsvəseyi-şeytan və dəğdəğeyi-insan ilə dolmuş əsrimizdə bu qism dostların vücudu ənqa quşu kimi nayabdır. Bu əsri-şumda həqiqi bir dost tapılmaz ki, onun sədaqət və dəyanətinə etibar oluna və dar gündə dəstgirliyinə ümid bağlana…. Necə ki, fövqdə zikr olundu, Molla Pənah Vaqifin ədəbiyyatımızın banisi, müəssisi adlanmağa haqqı vardır. Tamami Qafqazda ondan müqəddəm bir müqtədir ədib, xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidayi-süxən onun adı ilə başlansın. Əgərçi Azərbaycanın İrana mütəəlliq hissələrində Aciz, Divani, Qövsi, Arif kimi bəzi şairlər vücuda gəlibdir və illa onların asari-qələmiyyələri və xüsusən, tərcümeyi-halları millətimiz arasında intişar bulmayıbdır. Ancaq bəzi mütəfərriq şer və qəzəlləri xanəndələr və qəzəlxanlar vasitəsilə gəlib bizə yetişibdir. Molla Pənah Vaqif isə cümləmizə məlumdur. Onun adını eşitməyən və şənində söylənən "hər oxuyan Molla Pənah olmaz" məsələni bilməyən Qafqaz oğlu yoxdur, Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbi, mövzun kəlamı və gözəl qafiyələri olubdur ki, indi də o qafiyələr ümum nasın dillərində caridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara meylü rəğbət bağlayırıq. Şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində gətiribdir. Onun əşarında istemal olunan türk və ya türkləşmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir. Məsələn, bu sadəlikdə hansı bir türk şairi qafiyələr tərtib edibdir: Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə? Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Və yaniki bu şerlər: Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadənn, nə şanədəndir. Bu sadə və rəvan şerlər ki, mənən dəxi ziyadə məqbul və müstəhsəndir, şairin artıq dərəcədə ana dilinə dara olmasına və milli şairliyinə dəlalət edir. Əlbəttə, Molla Pənaha bu eybləri irad tutmaq olmaz ki, o milli şair olduğu halda millətinin hürriyətinə dair, tərəqqi və təalisinə məxsus bir əsər qoymayıbdır. Molla Pənah dəxi sair şairlər kimi öz zamanının oğlu olub, onun təqazasınca şer yazarmış. Ondan çox sonra gələn şairlərin kəlamlarında da "millət", "hürriyyət", "din" və "vətən" sözləri hərgiz istemal olunmayıbdır. Bununla belə Vaqifin yuxarıda zikr olunan müxəmməs və qəzəliyyatında təcrübə üzü ilə deyilmiş pürməna sözlər və dərin fikirlər vardır ki, həmə vəqt həyat üzrə baqi qalacaqdır. Bundan maəda Vaqifin milli ədəbiyyatımıza hüsni-xidməti bu olubdur ki, Türkiyə və İran-zəmin şüərasına müqəllidlik etməyibdir, bəlkə onun üçün əsan və təbii bir yol açıbdır ki, ondan sonra gələn şairlər ona peyrəvilik edib, bir çox gözəl əsərlər meydana gətiriblər. Bu cəhətə Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustadı adlanmağa haqqı vardır. * * * Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur. "Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur: Nezami ze gəncine boqşay bənd, Gereftariye-Gənce ta çənd, çənd. Ço dor gərçe dər bəhre-Gənce qoməm, Vəli əz qəhestane-şəhre-Qoməm. [1] [1] Tərcüməsi: Ey Nizami, xəzinədən bəndi aç, Nə vaxta qədər Gəncənin giriftarı olacaqsan?! Dürr kimi Gənçə dənizində itsəm də Qəhistan [vilayətinin] Qum şəhərindənəm. Nizaminin vəsfində bir şey yazmaqda bizim qələmimiz acizdir. Həkim Xaqani onun mədhində demişdir: Xakəş be Məsih tutiyabəxş, Səngəş be Kəlim kimyabəxş, Mərzəş ze kəyestane-qolestan, Şəkkərzaro qərənfelestan. [2] [2] Tərcüməsi: Torpağı Məsihə tutiya bağışlayan, Daşı Kəlimə kimya bagışlayan, Sahəsi güllük, çiçəklik, Şəkər qamışlığı və qərənfillik. Nizami dünyadan əl çəkib əhli-qənaət və saleh bir zat olduğu üçün ömrünü ibadət və riyazətdə keçirərmiş. Hətta zəmanəsinin müluk və səlatini ona hörmət və riayət etdikləri halda sair şüəra kimi kimsəni mədh və tərif etməmişdir və tamahkar və əhli-dünya mülazimi olmaqdan nəfsini saxlayıb, ömrünün axırına kimi məddahlıq ismini şəninə layiq və rəva görməmişdir və padşahlar dərbarında şöhrət və izzət tələbkarı olmamışdır. Bəlkə onun öz astanası böyüklər və xosrovlar məlcəvü məvası olub. Müasirləri onun söhbətindən feyzyab olmağa talib olmuşlar. Belə ki, Atabəy Qızıl Arslanın imtahan qəsdi ilə Şeyx Nizami olduğu zaviyayə gedib, onu qəribə bir halda görməyi "Atəşkədeyi-Azəri"də rəvayət olunubdur. Şeyx aləmi-batində Qızıl Arslanın qəsdü niyyətini anlayır və sultanın nəzərində onun şərafət və böyüklük ulduzu cilvələnir. Atabəy baxıb görür ki, bir piri-zəif bir parça keçənin üstündə əyləşib. Ətrafında başqa bir şey yoxdur, bəqeyr əz-qələm, dəvat və əsayi-piri. Əlində Quran və şeyx onun mütaliəsinə məşğul. Atabəy şeyxin bu halına diqqət yetirdikdə onun haqqında etiqadi-kamil hasil edib, şeyxin müqəddəs bir vücud olmağını təsdiq eləyir. Və həmçinin rəvayət olunur ki, İran padşahlarından birisi Azərbaycan vilayətini təsxir etdikdə şeyxə riayət göstərib, Gəncə şəhərinin təxminən 24 verstliyində--cənubi-şərqi səmtində vaqe bir kənd bağışlamışdı. Sabiqdə haman qəryə Həmdünyan adlanırmış. İndi İlə adı ilə məşhur erməni kəndidir. Şeyx özü bu barədə demişdir: Nəzər bərkişo bərexlase-mən kərd, Dəhe-Həmdunyanra xase-mən kərd. Nizami əleyhirrəhmə Gəncə şəhəriidə hicrətin 591-ci ilində və bir qövlə görə 606-cı tarixində vəfat etmişdir. Qəbri şəhərin təxminən 4 verstliyində--şimali-şərqi səmtindədir. Məqbərəsi ziyarətgahdır. Mövləvilər artıq şövq ilə onun qəbrini ziyarət edirlər. Nizaminin məqbərəsi vaqe olan səhra "Şeyx düzü" adı ilə Gəncə xalqının arasında məşhurdur. Onuт qəbrinin üzərnndə olan əski günbədi, səhih rəvayətə görə, rus ədiblərindən məşhur Qriboyedov təsis etdirmişdir. İndi, necə ki, möhtərəm Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami" ünvanında mərhum şeyxin tərcümeyi-halına dair yazdığı kitabçadan görünür, Nizaminin qəbri və üstünün günbədi uçub-dağılıbdır və kəndçilər qışda soyuqdan və yay fəslində istidən daldalanmaq üçün içinə at və eşşək bağlayırlar. Budur bizim fazil və həkim bir şairimizin türbəsinə olan hörmət!… Mirzə Məhəmməd Axundov münasibi-hal bu şerləri inşad etmişdir: Yol kənarında bir məzari-həqir, Dağılıb günbədi, olub viran. Ona məxluqdən olur təhqir, Bağlanır günbədinə hər heyvan. Mənzəri adəmə edir təsir, Axıdır qəlbə hər dəqiqədə qan, Kimsə etməz sual: "Kimdir bu?" Ona quşlar olubdu fatihəgu. * * * Bu xarəbə məzardə aya Görəsən kimdi böylə xar yatır? Kimsə etməz bunu sual əsla, Sizə mən eyləyim onu təqrir. Edəsiz ol məzarı siz əmma --Layiqincə, əzizlər, təmir. O yatan Gəncəli Nizamidir, Şüəra qisminin üzamidir. Şeyxin "Xəmsə"si bu mənzumələrdən mürəkkəbdir: "Məxzənül-əsrar", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Həft peykər", yaxud "Bəhramnamə" və "İsgəndərnamə". Bu kitabların hər birisinin xüsusunda və onların tarixi və səbəbi-təlifi barəsində Mirzə Məhəmməd Axundovun kitabçasında qədri-kifafınca məlumat verilmişdir. Bunlardan başqa Şeyx Nizaminin iyirmi min beytə qədər qəsaid və qəzəliyyat və rübaiyyatı və sair əşarı olduğu rəvayət olunursa da, əksəri bu halda itib-batıbdır. "Xəmseyi-Nizami" İranda və Hindistanda dəfəat ilə təb olunubdur. Və hətta Müsyö Şarmua tərəfindən Fransa dilinə tərcümə edilib və 1845-ci sənədə Petroqrad şəhərində təb və nəşr olunubdur. Nizaminin əsərlərindən türk dilinə tərcümə olunan ancaq "Xosrov və Şirin" hekayəsidir. Bunun mütərcimi Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs olubdur. Vəli çox əfsus ki, şair bu hekayəni itmama yetirməmiş vəfat edibdir. Haman "Xosrov və Şirin" hekayəsi bu axır vaxtlarda Mirzə Cəlal Yusifzadə cənablarının səy və himməti ilə opera şəklinə çöndərilibdir. Atalar sözündən sayılan: "Kəs nəquyəd ke, douğe-mən torşəst"--məsəli müşarileyhə mənsubdur. Söz yoxdur ki, bu məsəli sonradan Azərbaycan türkləri şeyxdən əxz və tərcümə ediblər, çünki türk dilində "Heç kəs ayranına turş deməz" məsəli indi də işlənir. Fars lisanına dara rəvantəb şairlərimizin baş vəzifələrindən birisi də Şeyx Nizami əleyhirrəhmənin əsərlərindən bəzilərini türkə açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməkdir. İnsaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə mütaliə edib feyzyab olmaqdan məhrum qalaq. Şeyx Nizaminin əsərlərindən nümunə olaraq bir qəsidə və bir qitəsini "Atəşkədeyi-Azəri"dən götürüb, onlar ilə kitabımıza zinət veririk: QƏSİDEYİ-NİZAMİ Mələkol-moluke-fəzləm befəziləte-məani, Zəmiyo zəman gerefte bemesale-asemani. Nəfəse-boləndsoutəm cərəse-boləndseyti, Qələme-cəhannəvərdəm ələme-cəhansetani. Səre-hemmətəm reside bekolahe-Keyqobadi, Pəre-heşmətəm qozəşte ze pərənde-Qurxani. Soxən əz mən afəride, ço fotovvət əz morovvət, Honər əz mən aşekara ço təravət əz cəvani. Qəzələm besəmha dor ço səmae-ərğənuni Nəməkəm bezouğha dor ço şərabe-ərğəvani. Hərəkate-əxtəranra mənəm əslo u tefili, Təbəqate-asemanra mənəm abo u əvani. Nəzənəm bexire təbli, ço zənəm bovəd ərusi, Nəkonəm bexotbe ləhti, ço konəm bovəd əğani. Məhəmo ço məh nəgirəm kələfe-siyahruyi, Dorəmo ço dor nədarəm bərəse-sepidrani. Beeşarəte-ləbe-mən dele-xəlq baz bəndəd Ço şekufeye-rəyahin behəvaye-mehrəqani. Əgər in neşatgəhra nəğəmate-mən nə başəd, Ke zənəd dəre-moğənni, ke xorəd meye-moğani? Ço sədəf həlalxarəm, ço qohər həlalzade, Ze həramzade durəm şəbo ruz dər rəmani. Vələdozzenast hased, mənəm an ke koukəbe-mən Vələdozzenakoş aməd ço setareye-yəmani. Səre-an cəride bər nə dəre-in qəside boqşa-- Ke, bərənd boqe-boqe fozəla bare-moğani. Şəbehi nə dər xəzine çe konəm qohərfeşani, Qohəri nə dər xərite çe konəm sədəfdəhani. Delo din şekəste an gəh həvəsəm bərəzmcui, Səro pa berəhne an gəh soxənəm bemərzbani. Mələkavo badşaha rəveşi kəramətəm kon-- Ke bedan rəveş begərdəm ze bədivo bədqomani. Hərəme-to aməd in del ze həsəd neqahdarəş-- Ke, fereşte ba şəyatin nəkonəd həmaşiyani. Ədəbəm məkon ke, xerdəm, xələləm məbin ke, xakəm Bebər əz nəhade-təbəm dodeliyo dəhzəbani. Ze qonah ozr boqzər, benəvazo rəhməti kon, Bexəcaləti ke bini bezərurəti ke, dani. Həme momkenol-vocudi rəqəme-həlak darəd, To ke, vacebol-vocudi əzəlo əbəd bemani. Betəfile-taəte-to təne-xiş zende darəm, Ço nabəşəd in səadət çe məno çe zendeqani. Əgər əz Nezami aməd qonəhəş əfvgərdan-- Ke, kəs eyməni nədarəd ze qəzaye-asemani. To resandei ze əvvəl besəadəte-vücudəş, Ço nəfəs beaxər ayəd, beşəhadətəş resani. [3] [3] Tərcüməsi: Mənəviyyat və fəzilətim etibarilə şahların şahıyam, Yeri, zamanı və asimanı hökmümlə tutmuşam. Uça səsli nəfəsim zəng kimi gurdur, Dunyanı ölçən qələmim dünya tutan bayraqdır. Himmət başım Keyqubad papağını qoymuşdur, Təntənə qanadım Qurxan bayrağından yüksəlmişdir. Cavanmərdlik insafdan yarandığı kimi, söz də məndən yaranmışdır. Təravət gənçlikdən doğduğu kimi, hünər də məndən doğmuşdur. Qəzəlim qulaqlarda ərğənun səsi kimidir. Sənətim zövqlərə qırmızı şərab təsiri bağışlayır. Ulduzların əsas hərəkətveriçisi mənəm, özləri tüfeylidir. Göy təbəqələrində su mənəm, göy özü qabqacaqdır. Boş yerə təbil çalmaram, əgər çalsam toy olar, Boş yerə xütbə (moizə) oxumaram, oxusam, mahnı olar. Mən ayam, amma ay kimi tutulub qaralmaram, Mən dürrəm, amma dürr kimi ağarma xəstəliyinə tutulmaram. Reyhan qönçəsi mehrəgan (payız bayramı) havasına baqlı olduğu kimi, Mənim dodağımın bir işarəsinə xalqların ürəyi bağlıdır. Əgər bu sevinç meydanında mənim nəğmələrim olmasaydı, Kim müğənni çağırardı ki, muğan meyi içəydi? Sədəf kimi halal yeyənəm, gövhər kimi halalzadəyəm, Haramzadədən uzağam, gecə-gündüz rəmanidəyəm. Paxıl vələdüznadır, mən oyam ki, ulduzum Yəmani (Süheyl; Sirius) ulduzu kimi vələdüzna öldürəndir. O dəftərin başını bağla, bu qəsidənin qapısını aç, Bunu fazillər mənzilbəmənzil hədiyyə aparırlar. Xəzinəmdə bir şəvəm (qara munçuq) də yoxdursa, nə uçün mən gövhər saçım?! Xəritəmdə (süfrəmdə) bir gövhərim də yoxdursa, arzımı nə üçün sədəflə doldurum?! Ürəyim və dinim sınıb, yenə də döyuş həvəsindəyəm, Başım, ayağım yalındur, yenə də keşikçilik iddiasındayam. Ey hökmdar, ey padşah, mənə bir nəzər sal, Sənin bu nəzərin sayəsində bədlikdən və bədgümanlıqdan çıxım. Mənim ürəyim sənin hərəmindir, onu həsəddən qoru, Mələk şeytanlarla bir yuvada yaşaya bilməz. Kiçikliyimə baxıb məni incitmə, torpağım deyə məni alçaltma, Təbimdən və varlığımdan ikiürəkliliyi və ondilliliyi çıxar, Üzrümə görə günahımdan keç, oxşa, mərhəmət elə, Xəcalətimə baxıb ehtiyaçlarımı duy! Bütün yaranmışlara ölüm yazılmışdır, Sən həmişə yaşayansan, əzəli və əbədi qalansan. Sənə itaət etdiyimə görə, əbədi yaşayası olaçağam, Bu səadətim olmasa, nə mən, nə həyat? Əgər Nizamidən bir günah baş vermişsə, onu bağışla, Kimsə asimanın qəzasından yaxasını qurtara bilməz. Əzəldən onun vücudunu səadətə yetirən sənsən, Nəfəsi sona çatarkən də onu şəhidlər sırasına yetir. QİTƏ Duş rəftəm bexərabat, məra rah nəbud, Mizədəm nərevo fəryad, kəs əz mən nəşnud. Ya nəbud hiçkəs əz badeforuşan bidar, Ya ke, mən hiçkəsəm, hiçkəsəm dər nəqoşud. Nimi əz şəb ço beşod, biştərək ya kəmtər, Rendi əz ğorfe bər avərd səro rox benəmud, Qoftəməş: dər boqoşa Qoft: boro, hərze məqu-- Ke, bəraye-to dər in vəqt kəs in dər nəqoşud. İn nə məsced ke, behər ləhze dərəş boqşayənd-- Ke, to dir aiyo əndər səfe-piş osti zud. Hər çe dər comleye-afaq dər inca hazer, Henduyo hormeziyo moumeno tərsavo yəhud. Gər to xahi ke, konəd pire-moğanət nəzəri Xake-paye-həme şo ta ke beyabi məqsud. [4] [4] Tərcüməsi: Dünən geçə meyxanaya getdim, mənim üçün qapını açmadılar, Nərə çəkdim, fəryad elədim, heç kəs eşitmədi. Ya şərab satanlardan heç biri oyaq deyildi, Ya da mən heçkəsəm ki, heç kəs mənim üçün qapını açmadı. Elə ki, geçə yarı oldu, bir az ondan çox ya az, Bir rind başını pənçərədən çıxarıb mənə baxdı. Ona dedim:--Aç qapını! Dedi:--Get, hərzə danışma! Sənin üçün bu vaxt heç kəs qapını açmaz. Bura məsçid deyil ki, hər an qapısını açsınlar-- Ki, sən geç gəlib, tez yuxarı başda əyləşəsən. Dünyanın hər yerindən bura yığışanlar var: Hindu da, hörmizi də, mömin də, xristian da, yəhudi də. Əgər istəyirsən ki, piri-muğan sənə nəzər yetirsin, Hamının ayağının torpağı ol ki, öz məqsədinə çatasan. Mustafa ağa Nasirin "Xosrov və Şirin"dən tərcümə etdiyi hissələr öz məqamında zikr olunacaqdır. * * * Şirvan və Şamaxı Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur. "Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur: Nezami ze gəncine boqşay bənd, Gereftariye-Gənce ta çənd, çənd. Ço dor gərçe dər bəhre-Gənce qoməm, Vəli əz qəhestane-şəhre-Qoməm. [1] [1] Tərcüməsi: Ey Nizami, xəzinədən bəndi aç, Nə vaxta qədər Gəncənin giriftarı olacaqsan?! Dürr kimi Gənçə dənizində itsəm də Qəhistan [vilayətinin] Qum şəhərindənəm. Nizaminin vəsfində bir şey yazmaqda bizim qələmimiz acizdir. Həkim Xaqani onun mədhində demişdir: Xakəş be Məsih tutiyabəxş, Səngəş be Kəlim kimyabəxş, Mərzəş ze kəyestane-qolestan, Şəkkərzaro qərənfelestan. [2] [2] Tərcüməsi: Torpağı Məsihə tutiya bağışlayan, Daşı Kəlimə kimya bagışlayan, Sahəsi güllük, çiçəklik, Şəkər qamışlığı və qərənfillik. Nizami dünyadan əl çəkib əhli-qənaət və saleh bir zat olduğu üçün ömrünü ibadət və riyazətdə keçirərmiş. Hətta zəmanəsinin müluk və səlatini ona hörmət və riayət etdikləri halda sair şüəra kimi kimsəni mədh və tərif etməmişdir və tamahkar və əhli-dünya mülazimi olmaqdan nəfsini saxlayıb, ömrünün axırına kimi məddahlıq ismini şəninə layiq və rəva görməmişdir və padşahlar dərbarında şöhrət və izzət tələbkarı olmamışdır. Bəlkə onun öz astanası böyüklər və xosrovlar məlcəvü məvası olub. Müasirləri onun söhbətindən feyzyab olmağa talib olmuşlar. Belə ki, Atabəy Qızıl Arslanın imtahan qəsdi ilə Şeyx Nizami olduğu zaviyayə gedib, onu qəribə bir halda görməyi "Atəşkədeyi-Azəri"də rəvayət olunubdur. Şeyx aləmi-batində Qızıl Arslanın qəsdü niyyətini anlayır və sultanın nəzərində onun şərafət və böyüklük ulduzu cilvələnir. Atabəy baxıb görür ki, bir piri-zəif bir parça keçənin üstündə əyləşib. Ətrafında başqa bir şey yoxdur, bəqeyr əz-qələm, dəvat və əsayi-piri. Əlində Quran və şeyx onun mütaliəsinə məşğul. Atabəy şeyxin bu halına diqqət yetirdikdə onun haqqında etiqadi-kamil hasil edib, şeyxin müqəddəs bir vücud olmağını təsdiq eləyir. Və həmçinin rəvayət olunur ki, İran padşahlarından birisi Azərbaycan vilayətini təsxir etdikdə şeyxə riayət göstərib, Gəncə şəhərinin təxminən 24 verstliyində--cənubi-şərqi səmtində vaqe bir kənd bağışlamışdı. Sabiqdə haman qəryə Həmdünyan adlanırmış. İndi İlə adı ilə məşhur erməni kəndidir. Şeyx özü bu barədə demişdir: Nəzər bərkişo bərexlase-mən kərd, Dəhe-Həmdunyanra xase-mən kərd. Nizami əleyhirrəhmə Gəncə şəhəriidə hicrətin 591-ci ilində və bir qövlə görə 606-cı tarixində vəfat etmişdir. Qəbri şəhərin təxminən 4 verstliyində--şimali-şərqi səmtindədir. Məqbərəsi ziyarətgahdır. Mövləvilər artıq şövq ilə onun qəbrini ziyarət edirlər. Nizaminin məqbərəsi vaqe olan səhra "Şeyx düzü" adı ilə Gəncə xalqının arasında məşhurdur. Onuт qəbrinin üzərnndə olan əski günbədi, səhih rəvayətə görə, rus ədiblərindən məşhur Qriboyedov təsis etdirmişdir. İndi, necə ki, möhtərəm Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami" ünvanında mərhum şeyxin tərcümeyi-halına dair yazdığı kitabçadan görünür, Nizaminin qəbri və üstünün günbədi uçub-dağılıbdır və kəndçilər qışda soyuqdan və yay fəslində istidən daldalanmaq üçün içinə at və eşşək bağlayırlar. Budur bizim fazil və həkim bir şairimizin türbəsinə olan hörmət!… Mirzə Məhəmməd Axundov münasibi-hal bu şerləri inşad etmişdir: Yol kənarında bir məzari-həqir, Dağılıb günbədi, olub viran. Ona məxluqdən olur təhqir, Bağlanır günbədinə hər heyvan. Mənzəri adəmə edir təsir, Axıdır qəlbə hər dəqiqədə qan, Kimsə etməz sual: "Kimdir bu?" Ona quşlar olubdu fatihəgu. * * * Bu xarəbə məzardə aya Görəsən kimdi böylə xar yatır? Kimsə etməz bunu sual əsla, Sizə mən eyləyim onu təqrir. Edəsiz ol məzarı siz əmma --Layiqincə, əzizlər, təmir. O yatan Gəncəli Nizamidir, Şüəra qisminin üzamidir. Şeyxin "Xəmsə"si bu mənzumələrdən mürəkkəbdir: "Məxzənül-əsrar", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Həft peykər", yaxud "Bəhramnamə" və "İsgəndərnamə". Bu kitabların hər birisinin xüsusunda və onların tarixi və səbəbi-təlifi barəsində Mirzə Məhəmməd Axundovun kitabçasında qədri-kifafınca məlumat verilmişdir. Bunlardan başqa Şeyx Nizaminin iyirmi min beytə qədər qəsaid və qəzəliyyat və rübaiyyatı və sair əşarı olduğu rəvayət olunursa da, əksəri bu halda itib-batıbdır. "Xəmseyi-Nizami" İranda və Hindistanda dəfəat ilə təb olunubdur. Və hətta Müsyö Şarmua tərəfindən Fransa dilinə tərcümə edilib və 1845-ci sənədə Petroqrad şəhərində təb və nəşr olunubdur. Nizaminin əsərlərindən türk dilinə tərcümə olunan ancaq "Xosrov və Şirin" hekayəsidir. Bunun mütərcimi Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs olubdur. Vəli çox əfsus ki, şair bu hekayəni itmama yetirməmiş vəfat edibdir. Haman "Xosrov və Şirin" hekayəsi bu axır vaxtlarda Mirzə Cəlal Yusifzadə cənablarının səy və himməti ilə opera şəklinə çöndərilibdir. Atalar sözündən sayılan: "Kəs nəquyəd ke, douğe-mən torşəst"--məsəli müşarileyhə mənsubdur. Söz yoxdur ki, bu məsəli sonradan Azərbaycan türkləri şeyxdən əxz və tərcümə ediblər, çünki türk dilində "Heç kəs ayranına turş deməz" məsəli indi də işlənir. Fars lisanına dara rəvantəb şairlərimizin baş vəzifələrindən birisi də Şeyx Nizami əleyhirrəhmənin əsərlərindən bəzilərini türkə açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməkdir. İnsaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə mütaliə edib feyzyab olmaqdan məhrum qalaq. Şeyx Nizaminin əsərlərindən nümunə olaraq bir qəsidə və bir qitəsini "Atəşkədeyi-Azəri"dən götürüb, onlar ilə kitabımıza zinət veririk: QƏSİDEYİ-NİZAMİ Mələkol-moluke-fəzləm befəziləte-məani, Zəmiyo zəman gerefte bemesale-asemani. Nəfəse-boləndsoutəm cərəse-boləndseyti, Qələme-cəhannəvərdəm ələme-cəhansetani. Səre-hemmətəm reside bekolahe-Keyqobadi, Pəre-heşmətəm qozəşte ze pərənde-Qurxani. Soxən əz mən afəride, ço fotovvət əz morovvət, Honər əz mən aşekara ço təravət əz cəvani. Qəzələm besəmha dor ço səmae-ərğənuni Nəməkəm bezouğha dor ço şərabe-ərğəvani. Hərəkate-əxtəranra mənəm əslo u tefili, Təbəqate-asemanra mənəm abo u əvani. Nəzənəm bexire təbli, ço zənəm bovəd ərusi, Nəkonəm bexotbe ləhti, ço konəm bovəd əğani. Məhəmo ço məh nəgirəm kələfe-siyahruyi, Dorəmo ço dor nədarəm bərəse-sepidrani. Beeşarəte-ləbe-mən dele-xəlq baz bəndəd Ço şekufeye-rəyahin behəvaye-mehrəqani. Əgər in neşatgəhra nəğəmate-mən nə başəd, Ke zənəd dəre-moğənni, ke xorəd meye-moğani? Ço sədəf həlalxarəm, ço qohər həlalzade, Ze həramzade durəm şəbo ruz dər rəmani. Vələdozzenast hased, mənəm an ke koukəbe-mən Vələdozzenakoş aməd ço setareye-yəmani. Səre-an cəride bər nə dəre-in qəside boqşa-- Ke, bərənd boqe-boqe fozəla bare-moğani. Şəbehi nə dər xəzine çe konəm qohərfeşani, Qohəri nə dər xərite çe konəm sədəfdəhani. Delo din şekəste an gəh həvəsəm bərəzmcui, Səro pa berəhne an gəh soxənəm bemərzbani. Mələkavo badşaha rəveşi kəramətəm kon-- Ke bedan rəveş begərdəm ze bədivo bədqomani. Hərəme-to aməd in del ze həsəd neqahdarəş-- Ke, fereşte ba şəyatin nəkonəd həmaşiyani. Ədəbəm məkon ke, xerdəm, xələləm məbin ke, xakəm Bebər əz nəhade-təbəm dodeliyo dəhzəbani. Ze qonah ozr boqzər, benəvazo rəhməti kon, Bexəcaləti ke bini bezərurəti ke, dani. Həme momkenol-vocudi rəqəme-həlak darəd, To ke, vacebol-vocudi əzəlo əbəd bemani. Betəfile-taəte-to təne-xiş zende darəm, Ço nabəşəd in səadət çe məno çe zendeqani. Əgər əz Nezami aməd qonəhəş əfvgərdan-- Ke, kəs eyməni nədarəd ze qəzaye-asemani. To resandei ze əvvəl besəadəte-vücudəş, Ço nəfəs beaxər ayəd, beşəhadətəş resani. [3] [3] Tərcüməsi: Mənəviyyat və fəzilətim etibarilə şahların şahıyam, Yeri, zamanı və asimanı hökmümlə tutmuşam. Uça səsli nəfəsim zəng kimi gurdur, Dunyanı ölçən qələmim dünya tutan bayraqdır. Himmət başım Keyqubad papağını qoymuşdur, Təntənə qanadım Qurxan bayrağından yüksəlmişdir. Cavanmərdlik insafdan yarandığı kimi, söz də məndən yaranmışdır. Təravət gənçlikdən doğduğu kimi, hünər də məndən doğmuşdur. Qəzəlim qulaqlarda ərğənun səsi kimidir. Sənətim zövqlərə qırmızı şərab təsiri bağışlayır. Ulduzların əsas hərəkətveriçisi mənəm, özləri tüfeylidir. Göy təbəqələrində su mənəm, göy özü qabqacaqdır. Boş yerə təbil çalmaram, əgər çalsam toy olar, Boş yerə xütbə (moizə) oxumaram, oxusam, mahnı olar. Mən ayam, amma ay kimi tutulub qaralmaram, Mən dürrəm, amma dürr kimi ağarma xəstəliyinə tutulmaram. Reyhan qönçəsi mehrəgan (payız bayramı) havasına baqlı olduğu kimi, Mənim dodağımın bir işarəsinə xalqların ürəyi bağlıdır. Əgər bu sevinç meydanında mənim nəğmələrim olmasaydı, Kim müğənni çağırardı ki, muğan meyi içəydi? Sədəf kimi halal yeyənəm, gövhər kimi halalzadəyəm, Haramzadədən uzağam, gecə-gündüz rəmanidəyəm. Paxıl vələdüznadır, mən oyam ki, ulduzum Yəmani (Süheyl; Sirius) ulduzu kimi vələdüzna öldürəndir. O dəftərin başını bağla, bu qəsidənin qapısını aç, Bunu fazillər mənzilbəmənzil hədiyyə aparırlar. Xəzinəmdə bir şəvəm (qara munçuq) də yoxdursa, nə uçün mən gövhər saçım?! Xəritəmdə (süfrəmdə) bir gövhərim də yoxdursa, arzımı nə üçün sədəflə doldurum?! Ürəyim və dinim sınıb, yenə də döyuş həvəsindəyəm, Başım, ayağım yalındur, yenə də keşikçilik iddiasındayam. Ey hökmdar, ey padşah, mənə bir nəzər sal, Sənin bu nəzərin sayəsində bədlikdən və bədgümanlıqdan çıxım. Mənim ürəyim sənin hərəmindir, onu həsəddən qoru, Mələk şeytanlarla bir yuvada yaşaya bilməz. Kiçikliyimə baxıb məni incitmə, torpağım deyə məni alçaltma, Təbimdən və varlığımdan ikiürəkliliyi və ondilliliyi çıxar, Üzrümə görə günahımdan keç, oxşa, mərhəmət elə, Xəcalətimə baxıb ehtiyaçlarımı duy! Bütün yaranmışlara ölüm yazılmışdır, Sən həmişə yaşayansan, əzəli və əbədi qalansan. Sənə itaət etdiyimə görə, əbədi yaşayası olaçağam, Bu səadətim olmasa, nə mən, nə həyat? Əgər Nizamidən bir günah baş vermişsə, onu bağışla, Kimsə asimanın qəzasından yaxasını qurtara bilməz. Əzəldən onun vücudunu səadətə yetirən sənsən, Nəfəsi sona çatarkən də onu şəhidlər sırasına yetir. QİTƏ Duş rəftəm bexərabat, məra rah nəbud, Mizədəm nərevo fəryad, kəs əz mən nəşnud. Ya nəbud hiçkəs əz badeforuşan bidar, Ya ke, mən hiçkəsəm, hiçkəsəm dər nəqoşud. Nimi əz şəb ço beşod, biştərək ya kəmtər, Rendi əz ğorfe bər avərd səro rox benəmud, Qoftəməş: dər boqoşa Qoft: boro, hərze məqu-- Ke, bəraye-to dər in vəqt kəs in dər nəqoşud. İn nə məsced ke, behər ləhze dərəş boqşayənd-- Ke, to dir aiyo əndər səfe-piş osti zud. Hər çe dər comleye-afaq dər inca hazer, Henduyo hormeziyo moumeno tərsavo yəhud. Gər to xahi ke, konəd pire-moğanət nəzəri Xake-paye-həme şo ta ke beyabi məqsud. [4] [4] Tərcüməsi: Dünən geçə meyxanaya getdim, mənim üçün qapını açmadılar, Nərə çəkdim, fəryad elədim, heç kəs eşitmədi. Ya şərab satanlardan heç biri oyaq deyildi, Ya da mən heçkəsəm ki, heç kəs mənim üçün qapını açmadı. Elə ki, geçə yarı oldu, bir az ondan çox ya az, Bir rind başını pənçərədən çıxarıb mənə baxdı. Ona dedim:--Aç qapını! Dedi:--Get, hərzə danışma! Sənin üçün bu vaxt heç kəs qapını açmaz. Bura məsçid deyil ki, hər an qapısını açsınlar-- Ki, sən geç gəlib, tez yuxarı başda əyləşəsən. Dünyanın hər yerindən bura yığışanlar var: Hindu da, hörmizi də, mömin də, xristian da, yəhudi də. Əgər istəyirsən ki, piri-muğan sənə nəzər yetirsin, Hamının ayağının torpağı ol ki, öz məqsədinə çatasan. Mustafa ağa Nasirin "Xosrov və Şirin"dən tərcümə etdiyi hissələr öz məqamında zikr olunacaqdır. * * * Yusif Nabi Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi". Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir: Pərtövi-nuri-həyatım sənsin, Məhz xeyrü bərəkatım sənsin, Salalı başimə zatın sayə, Bən səninlə bakaram dünyayə. Məhəmməd Çələbinin təvəllüdü şairin 54-cü yaşında vaqe olmasına onun bu şerləri şəhadət verir: Səni verdi bana, ey feyzməab, Mövsimi-sinni-kəbirimdə vəhab. Toğıcaq aləmə hüsnün mahi, Güzəran olmuş idim pəncahi. Çarü pəncahdə verdi səni həq, Həft salında yazıldı bu vərəq. Məhəmməd Çələbinin maddeyi-tarixindən ki, Nabi əfəndi özü onu inşa edibdir, məlum olur ki, onun vəqti-təvəllüdü hicrətin 1106-cı salında vüqua gəlibdir. Haman maddeyi-tarix bu şerlərdən ibarətdir: Sərmayeye-fetrətəm Əbülxeyr-- Kəz lotfe-əzəl pənah darəd, Tarixe-veladəte-şərifəş "Əz dərd xoda neqah darəd".[1] [1] Tərcüməsi: Əzəli lütfə sığınan, Mənim fitrətimin sərmayəsi olan Əbülxeyrin. Şərəfli təvəllüd tarixi "Əz dərd xuda pənah darəd"dir ("Allah onu bəlalardan saxlasın"dır.) Bu hesab ilə Yusif Nabinin təvəllüdü hicrətin 1052-ci sənəsinə təsadüf edir. 1106 sənədən 54 sənə çıxanda qalır 1052 sənə ki, haman salda Yusif Nabi vücuda gəlibdir Rəha şəhərində. Rəha isə Qüdsi-Xəlil canibində Şam xittəsində basəfa qəsəbələrdən birisidir ki, xoş ab-havası ilə məşhurdur. Nabi əfəndi vətəni olan Rəhanı belə vəsf edir: Vətənim şəhri-dilarayi-Rəha, Vəqti-təhrir müqirrim Şəhba. Nə Rəha, nüsxeyi-gülzari-cinan, Məsqətürrəsi-Xəlilül-Rəhman. Nə Rəha qibtəgəhi-xitteyi-Şam, Məzhəri-möcüzeyi-bərdü səlam. [2] [2] Tərcüməsi: Vətənim gözəl Rəha şəhəridir, Bunları yazan vaxtda iqamətgahım Şəhbadır. Elə bir Rəha ki, cənnət bağçasının bir nüsxəsi, Xəlilulrəhmanın daimi yaşayış yeridir. Elə bir Rəha ki, Şam ölkəsi ona həsrət çəkir, "Bərd və səlam" möcüzəsinin yeridir. Nabi əfəndi vətəni-məlufunda nəşvü nüma tapıb, təlim və tərbiyə aldıqdan sonra 30 sənəyə qədər Ədirnə və İstambul şəhərlərində bəzi mənsəbləri əda etməklə sükunət etmişdir və sonradan bu zati-şərifin aramgahı Hələb şəhəri olmuşdur: Bir zaman Ədirnəvü İstambul Oldu si sal bana cayi-nüzul. Lilləhülhəmd neçə mənsəbü cah Oldu bu bəndəyə ehsani-ilah. Qalmayıb sonra dimaği-dövlət, Oldu üftadeyi-künci-üzlət. Cəzbeyi-abü həva oldu səbəb, Oldu aramgəhim şəhri-Hələb. Şairin kəlamından belə anlaşılır ki, Hələb şəhəri xeyli canfəza və xoşhava bir məkandır ki, çahar fəsli düzgün keçir. Bu şəhərin vəsfində şair deyibdir: Şərabə şərm verir abi-canfəzayi-Hələb. Şəmimi-cənnəti məhcub edər həvayi-Hələb. Ləbi-bütanə olur xəndərizi-istehza Nəməksiriştə, ləb püstə fəzayi-Hələb. Buna həvadə İraqü Əcəm müxalifdir-- Ki, çar fəsldə novruz edər səbayi-Hələb. Behişt qanda görər hüsnünün təmaşasın, Tururkən ayineyi-abi-dilgüşayi-Hələb. Yusif Nabi xeyli müddət dünyada zindəganlıq edibdir və əyyami-zindəganlığı Məhəmməd Sultanın oğulları--Mustafa Sultanın və Əhməd xan Sultanın zamani-hökumətlərinə təsadüf etmişdir. Şair hər birisinin vəsfi-şənində xeyli qərra və səlis qəsidələr yazıbdır ki, manəndi az tapılar. Onun bir qəsidəsindən anlaşılan budur ki, Sultan Əhməd xan ibn Məhəmməd xanın cülusi-hümayunu şairin 50-ci salında vaqe olubdur. Məzkur qəsidə bu sayaq başlanır: Bir şəbangəh ki, çiraği-xirədi-əbdi-fəqir Eyləmişdi hərəmi-qəsri-dimağım tənvir, Nagəhan mükməni-qeybin açılıb pərdələri Oldu yer səf sipəharayişi-meydani-zəmir. Birinin nami qələm, biri vərəq, biri dəvat, Biri məni, biri məzmun, biri hüsni-təbir. Dedilər birdən:--Əya, piri-rəhi-nəzmi-süxən, Ey köhən cövhəri, sövqi-bəyanü təhrir, Nə əcəb xeyli zamandır ki, təməvvücdə deyil, Bəhri-zəxxari-xəyal, əbri-köhərpaşi-zəmir. Sana noldu, nə turursan, nə günə saklarsan, Ta bekey nəsri-cəvahirdə bu dəklü təxir? Əlli yıldır ki, müsəlləm sana səccadeyi-nəzm, Şimdi sənsən şüəra zümrəsinə şeyxi-kəbir. O zamanlar sana təslim idi meydani-süxən-- Ki, sənin sözlərinə Naili olmuşdu əsir. Meyvəsi az isə də, ləzzəti əfzuntər olur O dirəxtin ki, xiyabani-süxəndə ola pir. Dedim:--Ey lövhənəvisani-dəbistani-hünər, Ey məbaniyyi-məaniyə müdara təmir, Həp bilürsiz ki, qədi-rastimi xamə kibi, Etdi əngüşt kibi xəmzədə bari-təhrir. Qalmadı tabü təvan teyyi-rəhi-əfkarə, Oldu əndişə də tərkibi-vücudum kibi pir. Leyk var cibi-zəmirimdə nəhüftə çoxdan Bir göhər əqdi ki, olmaz ana aləmdə nəzir. Saklaram namına bir padşəhi-dövranın-- Ki, edəm müjdə bəşarət kim edərsə təbşir. Gəlsin ol padşəhin əsri-şərifində görək Bülbüli-köhnə necə eylər imiş bəsti-səfir, Dedilər:--Müjdələr olsun, sana, ey rastnəzər-- Ki, səni istədiyin əsrə yetirdi təqdir. Lilləhilhəmd ki, bir vifqi-murad etdi cülus İntizar eylədiyin padşəhi-aləmgir. Oldu təyidi-ilahidə misali-xurşid. Zati-valatəri arayişi-balayi-sərir. Zilli-məmdudi-xuda həzrəti-Xan Əhməd kim, Sayeyi-sərvi-ələm, dövlətidir mehri-münir. Və lakin bizə rast gəlmədiyindən məlum olmadı ki, Nabi əfəndi hələb şəhərindəmi vəfat edibdir, yoxsa İstambulda. Vəli çox ehtimal var ki, onun vəfatı İstambulda ittifaq düşübdür. Çünki şairin öz kəlamından görünür ki, ol cənab ömrünün həftad sinnində Hələbdən Ruma əzimət edib və Hüzuri-Sultan Əhməd xanda sahibi-mənsəb olmuşdur və dəxi onun İstambuldan Hələbə müraciət etməyi haqqında divanında bir işarə yoxdur. Şairin bu qoca sinnində və ixtiyar halında talibi-izzü cah olması bəzi əhli-qərəz və kəcnəzərlərin lisani-etirazını diraz edib, onu müttəhim qılmışlar. Necə ki, bu babda şair özü deyibdir: Həqqin olub dərində nəsimi-inayəti, Gülşənsərayi-Rumə düşürdükdə qisməti. Yəni olub diyari-Hələbdən keşidəpa, Təhrik edincə Rumə rikabi-əziməti. Nagah vəhmü vəsvəsəfərmayi-kəcnəzər Urdu inan əzmimə dəsti-cəsarəti. Bəsti-müqəddimati-sualə edib şüru, Zəmm etdi xeyrxahlıq üzərə sədaqəti. Əbvabi-etirazə küşayiş verib təmam, Etdi ədlə ilə mökədi-ibarəti. Dedi ki, ey fisürdə xirəd, piri-natəvan, Həftad sinndə bu səfərin nəy ki, hikməti? Bu sinnü saldə qərəzin izzü cah isə, Yox izzü cahə cismi-nizarın ləyaqəti. Var isə arizuyi-münasib zəmirdə, Anın da tazəlikdədir ayinü şövkəti. Əsbabi-ehtişamə əgər var isə həvəs, Piranın ana daxi yakışmaz qiyafəti. Sövdayi-kəsbi-malla məali isə dilin, Anın da pirlikdə nədir qədrü qiyməti? Gahi ocaq başında, gəhi baği-zardə Eylərkən əhli-danişü elm ilə söhbəti, Kətm etmə, doğru söylə nədir məqsədü murad, Böylə dəyişmədən süfreyi-zövq üzləti. Divan büsatı ilə əgər əsb isə murad, Bazulərində zəbtinə yox istitaəti. Halın sənin bu günə ikən, ey fisürdəhuş, Bilməm bu rahə sən nədən etdin əziməti? Gördüm məqalı gərçi deyil vəchdən təhi, Əmma əsabət üzrə deyil hiç həqiqəti. Dedim əgərçi cümləsi vardır bu sözlərin Bən daxi anlamaz deyiləm rəncü rahəti. Məchuldur təbiət kəc beyninə sənin, Tədbirə qalib olduğu həqqin iradəti. Məlumdur bu hər kəsə, vazeh təriqdir, Likəi nəhüftə var dəxi çox sirrü hikməti. Görməzmisən bu mətbəxi-süni-həkimdə Cəzb etdiyin keşan-keşan insani qisməti? Əz cümlə ol sənin dedigin rahətü fərar Mətlubi-cismdir, yox anın canə nisbəti. Asudəlikdə gərçi könül müstərih olur, Həp hisseyi-bədəndir anın həddü qayəti. Bir istirahətin ki, ola mərcəi bədən, Yoxdur o rahətin dil ilə canə nisbəti. Səmü bəsər vəzifəsin alamaz kənardə, İkisi də qidadə çəkərlər zərurəti. Səmin qidasi məniyi-pakizə nitqdir, Çeşmin qidasi hüsndür anınla hekayəti. Nabi əfəndinin bu axırkı sözlərində çox nazik mənalar vardır ki, onlara diqqət yetirməmək olmaz. Həqiqətdə məhz istirahəti-bədən və fəraqəti-cism ilə dolanmaq heyvaniyyətdən bir az bəridir. Künci-üzlət və qənaəti qənimət bilib, beş günlük ömrü xabi-qəflətdə, yəni ancaq yeyib-içməkdə keçirmək, məhz bir bədənə xidmət edib, onun zəruriyyatını mühəyya etməyə çalışmaq və ruhun varlığından bilmərrə bixəbər olmaq insanın sırf cəhalət və avamlığına dəlalət elər. Odur ki, Nabi əfəndi deyir və həqiqətdə çəməni-mənaya dürr və cəvahir saçır: Bir istirahətin ki, ola mərcəi bədən, Yoxdur o rahətin dil ilə canə nisbəti. Sonradan Nabi əfəndi ətfi-kəlam edib, İstambulu və onun əhlinin kamal və mərifətini və hüsni-ədalarını tərif edir: Minayi-çeşmi qərqeyi-nuri-sürur edər, Xubani-şəhryanın o hüsnü lətafəti. Hüsni-əda, hüsni-vəfa, hüsni-hər ümur Ol şəhri-bibədəldə bulur hüsni-qayəti. Ol dilgüşa məallar, ol xürdə nüktələr Mümkündür bola Ərəbistanda surəti? Ol canfəza süxənlərin, ol şux ədalərin Əkamlər lisanına olsunmu nisbəti? Olsunmu hiç kəlami-zərifanəyə bədəl Əsbər şəvi təala tənəqşö ibarəti? "Bədi", "ləkə" xitablarından gəlirmi heç Ləfzi--"a canım", "ay əfəndim həlavəti? Və bundan sonra şair sədri-əzəm Məhəmməd paşanın vasitəsilə müqərrəbi-hüzuri-Xan Əhməd Sultan olmaqından və sultanın ol şairi-salxürdəyə iltifat və mərhəmət göstərməklərindən danışıb deyir: Naziklik ilə dəvət edib pişgahına, Etdi müqabilində qüudə işarəti. Zərrinsitanə dövlətilə eyləyib nəzər, Nərgislər oldu naili-çeşmi-inayəti. Dəsti-mübarəkilə edib çidə xakdən, Etdi səri-həqirimə vəzi-əlaməti. Yəni duayi-cahıma vəqf eylədim səni, Var eylə ta zəmani gəlincə bu xidməti. Allaha şükr can bədənə etmədin vida Göstərdi həqq bana bu zaman səadəti. Dərgahi-dövlətinə olunmazmı ruymal Ol davərin ki, sibqət edə bu kəraməti. Bu şerlərdən məlum olur ki, Nabi əfəndi Xan Əhməd Sultanın qəsrində öz kamal və mərifəti və xüsusən, təbi-şeriyyəsi ucundan iqamət edib, vəzifəxarlar cümləsindən olubdur. Nabi əfəndi öz hali-həyatında, yəqin ki, məriz olduğu əsnada ölümünün yaxınlaşmağını dərk edib, tarixi-vəfatını yazmışdır. Bu maddeyi-tarix hesabilə onun vəfatı vaqe olubdur hicrətin 1124-cü ilində 77 yaşında. Məzkur tarixi-vəfat bu şerlərdən ibarətdir: Çon ruhe-kəmine-Nabi dər locceye-nur aməd, Əz təngiye-tən va rəst dər dare-sorur aməd. Tarixşenasane-mənaye-şohudo ğoyub Qoftənd: peye-tarix "Nabi behozur aməd". [3] [3] Tərcüməsi: Nabi, sənin kiçiçik ruhun nur dəryasına gəldiyindən Bədən darısqallığından nicat tapdı, şadlıq dəryasına gəldi. Gözə görünən və görünməyən mənaların tarixşünasları Dedilər: tarixin ardınça "Nabi behüzur aməd" (Nabi hüzura gəldi). Yusif Nabi, necə ki, əsərlərindən məlum olunur, hikmət və mərifət əhli imiş. Onun da Füzuli Bağdadi kimi asari-həkimanələrində xeyli dərin mənalar, uca fikirlər, müstəqim və mətin rəylər vardır ki, daimül-övqat zində və baqi qalacaqdır. Bundan əlavə mərhum Nabinin oğlu Əbülxeyr Məhəmməd Çələbiyə xitabən yazdığı dəlayili-aqilanə və nəsayihi-müşfiqanə ki, nəticəsi cümleyi-nasə aiddir, bizim dünyəvi səadətimiz, üxrəvi nicatımız və mənəvi tərəqqimiz üçün ən məqbul və mötəbər bir dəsturül-əməldir. Bu "Xeyriyyə"də qeyrilərin də səlahı mənzur olduğunu şair özü açıq deyir: Hər zaman istərəm, ey cani-pədər, Ola avizeyi-guşun bu göhər, Bunu nazik tutasan canından, Bir dəm ayırmayasan yanından. Ta beməhşər ola feyzi cari, Həm sənə, həm ola qeyrə sari. Əlbəttə, Füzuli Bağdadinin əsari-nəfisələrində olan fəsahət və bəlağət, onun əşari-aşiqanələrində hiss olunan lətafət və təravət Nabi əfəndinin kəlamlarında müşahidə olunmur və lakin hikmət və fəlsəfə nöqteyi-nəzərincə Nabinin kəlamlarına diqqət yetirilsə və Füzulinin bu qisim asari-qələmiyyələri ilə tətbiq olunsa, bəlkə Nabi əfəndinin kəlami-hikmətamizi ürəfa və üqəla nəzərində Füzulinin kəlamlarından əskik olmaya. Bainhəmə hər iki şairin özlərinə məxsus rütbə və məqamları vardır; hər birisinin şiveyi-lisanları və tərzi-kəlamları başqadır; hər birisinin təbi-rəvanpərvərlərində başqa bir yaradıcılıq qüvvəsi mövcuddur; hər birisinin şer və kəlamından başqa bir ətir və rayihə hiss olunur; hər birisində başqa bir zövq və səfa vardır ki, onları ancaq ərbabı və sərrafı təşxis və təmyiz edə bilər. Belə ki, bunlardan birisini qeyrisinə tərcih vermək müşkül əmrlərdən birisidir. Bu isə bizim vəzifəmizdən bala və qüdrətimizdən xaricdir. Belə pürqiymət dürrlər bizim tənqid tərəzimizdə çəkiləsi daşlar deyil. Hərçənd Yusif Nabinin əsərləri də cümlə mərifət əhlinə və xassə şüəra sinfinə məlumdur və lakin onlar Füzulinin təlifatı kimi camaatımız arasında intişar və iştihar tapmayıbdır. Zaqafqaziyada ancaq Şəki mahalında, xüsusən Nuxa şəhərinin və Qəbələ mahalının ürəfa və zürəfası arasında Nabi əfəndinin hikmətamiz kəlamları özlərinə xiridar tapmışlar. Sair oxucularımızı da ol zati-əzizin kəlamları ilə aşina etmək üçün burada bəzi nümumələr göstərilir. Nabi əfəndi öz "Xeyriyyə"sində oğlu Məhəmməd Çələbini səy və elmə bu sayaq tərğib və təşviq edib, səy və elmin vəsfində və cəhlin zəmmində yazır: Ey nihali-çəmənarayi-ədəb, Nurbəxşayi-dilü dideyi-əb, Səy qıl elmi-şərifə şəbü ruz, Qalma heyvansifət, ol elmamuz. Elmə səy eyləməməkdən həzər et, Elmü səy ikisi birdir, nəzər et. Müddəaya bu süxən şahiddir, Elmü səyin ədədi vahiddir. Bulamaz elm bilasəy vücud, Biri getsə, biri olur nabud, Sifəti-həzrəti-Mövladır elm, Cümlə övsafdən əladır elm. Mətləbi-elmə çalış ol ələm, Fərzdir dedi rəsuli-əkrəm, Dəxi əmr eylədi ol sahibi-elm: Məhddən ləhdə dək ol talibi-elm. Elm üçün oldu şəhi-xitteyi-nur, Rəbb zədni tələbilə məmur. Bula gör öylə Mədinəyə vüsul-- Ki, qapusi ola damadi-rəsul. Elmdir maşteyi-ruyi-vühud, Elmdir vasiteyi-budü nəbud. Elmdir maideyi-rəbbani, Elmdir muhibeyi-yəzdani. Elmdir rabiteyi-izzü əla, Elmdir baisi-təmkinü səfa. Elmdir zabiteyi-cahü cəlal, Elmdir rabiteyi-bərrü nəval, Elm bir lücceyi-bisahildir, Anda aləm keçinən cahildir. Cəhlə həq mövt dedi, elmə həyat, Olma həmhali-güruhi-əmvat. Olma məhrumi-həyati-əbədi, Elmlə fərq edə gör nikü bədi. Elmin ənvai ilə ol hali, Bəlkə lazım gələ istemali. Bilmək, əlbəttə, deyilmi əhsən, Sorsalar bən anı bilməm demədən. Həzrətin nasə budur təlqini: "Utlubul-elmi vəlo bis-Sini". Etmə ar, öyrən oxu əhlindən, Hər şeyin elmi gözəl cəhlindən. Cühəla alimə nisbət xərdir, Bəlkə xərdən də belə əbtərdir. Qandadır bixəbərü qanda xəbir. Mütəsavi deyil əmiyyü bəsir. Nə qədər bulsa da izzət, şövkət, Cah ilə cahilə gəlməz rifət. Cəhldir maideyi-şərmü xiclət, Cəhldir muresi-zillü nikbət. Cəhldir adəmə zindani-bəla,-- Ki, düşənlər görəməz ruyi-rəha. Cəhldir məhz ədəm, elm vücud, Heç bərabərmi olur bud, nəbud? Şərəfi-elmə nəhayət yoxdur, Sifəti-bariyə qayət yoxdur. Şərəfi-hüsni-xülq babında və sözün məqamü əndazəsi xüsusunda: Ey səraməd göhəri-bəhri-həyat, Nüsxeyi-müntəxəbi-hüsni-sifat, Məskənət xislətin eylə ədad, Ol mülayimdilu dərvişnihad! Ol qənitəbü təvazöpişə, Sal gülüstani-fəlahə rişə. Sana helmü ədəbü hüsni-süluk Edər əhrari zəruri məmluk. Hüsni-əxlaq deyil ərzani, Çini-əbru girehi-pişani. Xəndəruluq əsəri-rəhmətdir, Turşuluq səbəbi-nifrətdir. Xuyi-bəd, adəti-bəd, məşrəbi-bəd, Edər ərbabını mərdudi-əbəd. Qürrə olmaq sifəti-şeytandır, Randeyi-bargəhi-rəhmandır. Səndə zahir olıcaq kibrü qürur Qism edər zöhrini allahi-qəyur. Tutalım çərxə irişmiş cahın, Yenə ədna qulusan allahın. Nə qədər cahın olursa ali, Damənin busədən olsun xali. Sana lazım yerə yüzün sürtmək, Qula düşməz əl-ayaq öpdürmək. Ənbiya məsləkini eylə qəbul, Oldu məmur müdaraya rəsul. Bimüdara olamazsan rahət, Fəxri-aləm dedi rəsi-hikmət. Kəşfi-raz eyləmə biganələrə, Vermə yol məclisə divanələrə. Hər kəsi məhrəmi-əsrar etmə, Sirrini zivəri-bazar etmə. Hər kəsin qövlünü sadiq sanma. Cümləyi leyk münafiq sanma. Olma məclisdə nə bir gunə xəmuş, Vəqtlə gah zəban ol, gəh guş. Süxəni ibrəti-dürrü göhər et. Mümkün olduğu qədər müxtəsər et. Sözdə olsun sənə dəsturi-əməl Məniyi-nükteyi-ma qəllə və dəl Olur insanda zəban bir, iki guş, Sən dəxi söylə bir, ol iki xəmuş. Et kəlamın nə qəsirü nə təvil, Gözlə vəqtin, nə xəfif ol, nə səqil. Hüsni-kəlami-mövzun babında və şüərayi-islamın mədhində və filcümlə, əsl şairin vəzifə və təklifi xüsusunda deyibdir: Ey səfayabi-kəlami-mövzun, Aşinayi-süxəni-gunagun, Təbin eylərsə əgər şerə həvəs, Sənə mənasını fəhm etmək bəs. Söxənani-şüərayi-əslaf Qəlbi ayinəviş eylər səfaf. TÜRK ŞÜƏRASI Türkidə Nəfi ilə Baqiyə bax, Qeyr divanları da qıl mülhəq, Anların şeri mətindir, amma Qeyrisində dəxi var çox məna. ƏCƏM ŞÜƏRASI Şüərayi-əcəmin divani Hüsni-məniyyü məarif kani. Talibü Saibü Ürfiyyü Səlim, Feyziyü hind Nəziriyü Kəlim, Təzə guyan zamanda Şövkət Məniyi-tazəyə verdi surət. Camiyü Ənvəriyü Xaqani Hər biri mülki-süxən sultani. Bülbüli-şaxi-tərazi-Şiraz, Sədiyü Hafizi-mənipərdaz, Süxənani-qüdəmayi-şüəra, Həq budur: biri-birindən əla. Yox nəhayət şüərayi-əcəmə, Həm əsamiləri sığmaz qələmə. ƏRƏB ŞÜƏRASI Şeri çoxdur şüərayi-ərəbin-- Ki, o da mayəsi Şamü Hələbin. Demə əbyatına namövzundur, Anın ozanları digərgundur. Neçə mənaları var rəqsavər, Məşəlasa tökər əsmaə şərər. Var içində neçə əşari-kübar, Qoyamaz ayineyi-dildə qübar. Neçə bin nəti-şərifi-nəbəvi, Midhəti-möcizeyi-Müstəfəvi, Hər biri qiteyi-əlmasi-səmin, Hər biri dürri-girənqədri-mətin. ŞERİN HAQQINDA Hikmətamiz gərəkdir əşar-- Ki, məali ola irşadə mədar. Abi-hikmətlə bulur nəvşü nüma Gülşəni-şerü riyazi-inşa. Olmasa şer məcazi-mütləq, Versə mənayə həqiqət rövnəq, Yoxsa hər nəzmi-təhiyyü sadə Ola mənadən o da azadə. Baxüsus olmaya təşbihi-tamam İstiaratü cinasü ibham. Demədən şeri sükut övladır, Şerdən məqsəd olan mənadır. Baxsan əksər süxəni-şairi-xam Zülfü sünbül, gülü bülbül, meyü cam. Çıxamaz daireyi-dilbərdən, Qəddü xəddü ləbü çeşmi-tərdən. Gəh baharə dolaşur, gəh çəmənə, İlişür sərvü gülü yasəmənə. Rəhi-narəftədə cövlan edəməz, Sapa vadiləri seyran edəməz. Edəməz seydi-məaniyyi-bülənd, Atamaz qeyr şikarına kəmənd. Keçinür məniyi-xabidə ilə, Ləfzi-məşhuru cəhandidə ilə. Qoxusuz laləyə bənzər o süxən-- Ki, ola ləfzi təhi mənadən. Həcvdən əlhəzər, ey cani-pədər-- Ki, verər məşribi-ürfanə kədər. Həcvdən əlhəzər, ey cani-pədər-- Aqil etməz anı, eylər əhməq. Nabi əfəndinin "Xeyriyyə"sində o qədər hikmətli sözlər, gözəl nəsihətlər və xoş mənalı şerlər var ki, cümləsini başdan ayağa kimi yazsaq, nəf və faydadan xali olmaz, amma məcmuəmizdə yer olmadığına görə, ancaq bu qədər yazılana kifayət etdik. İndi ol möhtərəm vücudun başqa qisim əsərlərindən dəxi bir neçə nümunələr gətirməklə əziz oxucularımızı daha da artıcıq onunla aşina edək. Qəzəli-Nabi: Xətt girdi-arizində ki, gahi əyan olur, Dillər qübari-heyrətlə rikdan olur. Sorduqca çeşmi hali-əsiran qəmzəsin, Bimü ümmid arayə girər tərcüman olur. Mövzunqədanü simtənanü şəkkərləban Pirə əsa, fəqirə qina, cismə can olur. Lazım deyil kitabi-"Gülüstan" o afətə, Nə nüsxə qursa sinəsinə gülsitan olur. Şəhri-Sitambulun nə gözəl mərdümanı var, Ən sadəlövhü nazik olur, nüktədan olur. Bahərfi-təlx kim var isə xaki-şəhrdir, Əbnayi-şəhər cümləsi şirinzəban olur. Hüsni-nəməkbəduş bulunmaz kənardə, İstambul içrə, Nabi, o da rayigan olur. * * * Adəm əsiri-dəsti-məşiyyət deyilmidir? Aləm zəbuni-pənceyi-qüdrət deyilmidir? Bu pərdənin dəruninə bax, iztirabı qoy, Hər möhnətin vərası məsərrət deyilmidir? Bəzli-həyat rahi-məhəbbətdə aşiqə Təklif olunca canına minnət deyilmidir? Yox gərçi sədmeyi-sitəmindən gürizimiz, Əmma ki, dəsti-nazikə zəhmət deyilmidir? Həp sənmi kamyab olacaqsan zəmanədən, Ey təngçeşm, kar benovbət deyilmidir? Möhtaci-rizai-xaliq ikən sərbəsər cəhan, Məhluqdən niyaz məzəllət deyilmidir? Nabi, zəbani-nitqim edən xameyi-məcaz Məşşateyi-ərusi-həqiqət deyilmidir? * * * Bən ol xakəm ki, xurşidi-cahanara cəlisimdir, Tənim süfladır, əmma məniyi-ülvi ənisimdir. Bu tufanzari-həstidə bən ol kəştiyyi-Nuhəm kim, Nəfəs balayi-sərdə badban, ruhim rəisimdir. Gülüstani-cahan ləbtəşneyi-təşrifi-insandır, Olan rəhzən bənə birahiyi-nəfsi-xəbisimdir. Edər girdi-səri-insanə gərdiş kaseyi-gərdun, Nəvali-afərinişdə məlaik kasəlisimdir. Xiyal pirəhən etdikcə qəddi-şuxi-mənayə, Fələkdə çərxeyi-mahi-şəbara pənbərisimdir. Bəyazə xamayi-zərlə dəbiri-sübh amadə, Ütarid məclisi-mənadə müsəvvədənəvisimdir. Xüruşi-çar cuyi-təbimin asari, ey Nabi, Səfayi-çar mövci bəhri-asari-səlisimdir. Bu qəzəldə Nabi əfəndi insanın vücudu iki hissədən--ruhi-lətif ilə cismi-kəsifdən əmələ gəlməsini xeyli zərifanə və şairanə bəyan edib, xurşidi-cahanara ilə həmcəlis olmağını iddia eləyir və kamali-iftixar ilə sərkeşlik edib deyir ki, özüm torpaqdan xəlq olunmuşamsa da və tənim süfla isə də, amma ruh, ağıl və fəhm sayəsində hər bir məxluqdan əşrəf və əzəməm, məniyi-ülvi mənim ənisimdir. Bu tufanzari-həstidə, yəni bu aləmi-imkanda və varlıq dünyasında mən Nuhun ol nicatverici gəmisiyəm ki, balayi-sərdə əql və idrakım ol kəştinin badbanı və ruhum onun rəisidir. Axırkı beytlərdə dəxi şair özünün sair məxluqatdan ələm və əfzəl olmağını, yəni kaseyi-gördun onun başına dolanmağını və fövci-məlayik nəvali-afərinişdə onun kasayalayanı olmağını və göy üzündə mahi-şəbaranın çərxəsi onun pambıqəyirəni olmağını və məclisi-mənada Ütarid ulduzu onun müsəvvədənəvisi olmağını şairanə nəzmə çəkir. Nabi əfəndinin bu əfkari-aliyəsi Avropa hükəmaları və Məşriqzəmin şüərası əsərlərində dəxi təzkar olunmuşdur. Amma Nabi əfəndi ərusi-mənanı qəribə bir libasa və əcibə bir dona geyindirib izah etmişdir. Özgə bir qəzəlində Nabi əfəndi bu mənanı daha da açıq ifadə etmək üçün insanı pəru balsız bir quşa təşbih etmişdir ki, aşiyani-aləmə iktisabi-qüvvəti-pərvaz üçün düşmüşdür. Biçarə quşun meyl və həvəsi havaya qalxmaqdır və uca məqamlarda seyr etməkdir. Amma iqtizayi-təbiəti olan bu arzunu icra etməyə qanad və quyruğu yoxdur. Zəlil və müztərr xak üzrə taqətsiz düşüb, əsiri-havayi-nəfs olmuşdur: Mürqi-qədsiz iktisabi-qüvvəti-pərvaz üçün Aşiyani-aləmə bibalü bipər gəlmişiz. Cəhldən üftadəyiz xudrəyliq vadisinə, Yoxsa nəqşiz, məniyi-nəqqaşə məzhər gəlmişiz. Atidə zikr olunan qəzəl dəxi Nabinin pürməzmun əsərlərindən birisi hesab olunur: Qələmmisal əmin ol, qələmtəraş olma, Vərəqnigar kamal ol, vərəqtəraş olma! Sepervəş eylə təhəmmül, zərrəvəş ol qəmxar, Təsəllüt eyləmə xəlq üzrə durbaş olma! Kəmanmisal gəc ol, tək atılma yabanə, Xədəngi-rastrovü vaditəlaş olma! Sərində nəşeyi-səhba ətasidir xakın, Təəddüb eylə, rüxi-xakə cürəpaş olma! Hərəmzadeyi-möhnət təvəllüd eyləməsin, Zənan fikr məhal eylə, həmfəraş olma! Qonarsa cuşi-xəridardən dərunə qubar, Bu günə, ey gül, ümidi-xoşqumaş olma! Dü gündə qərəz asayiş isə, ey dil, Bədazmavü bədamuzü bədməaş olma! Bu qəzəldə zikr olunan bəzi gözəl fikirləri və müşfiqanə nəsihətləri avizeyi-guş edib, əlbəttə, unutmamalıdır. Necə ki, deyibdir: Sərində nəşeyi-səhba ətasidir xakın, Təəddüb eylə rüxi-xakə cürəpaş olma! Yəni torpağın qədrini bil, onun üzərinə cürəpaş olma, sənin mayeyi-həyatın, eyş-işrətin və zövq-ləzzətin torpaq hasilə gətirdiyi nemətlərdən əmələ gəlmişdir: başındakı nəşeyi-mey xakın ətasıdır və habelə vəliniəmin qədrini bilib, əməyini zay etmə, qədrşünas ol, şükri-nemət eylə, ta ki, haqq-taalanın nəzəri-mərhəməti həmişə üstündə olsun, fəzl və nemət qapısı üzərinə açıq olsun. Ancaq Nabi əfəndinin bu qəzəldə bir nəsihətini qəbul edə bilmədik ki, o da şəxsin məhz bir salamatlığını və xətadan eymən olmağını icab edirsə də, onu təriqi-istiqamətdən və rastrəvişlikdən bir növ əyriliyə və nəfspərəstliyə sövq edir. Nabi əfəndi hifzi-can və asudeyi-tən üçün tövsiyə edir ki, "kaman misal gəc ol!", yəni kaman kimi bükülüb və qatlanıb küncifəraqətdə salamat otur, həqir və üftadə ol, gərdənkeşlik və sərfərazılıq etmə, tək və tənha özünü meydani-müharibəyə atma, səni tapdalayıb əzərlər, başına bəlalar gələr; əgər sən də düz və rast gedən ox kimi vadiyi-təlaşda səy etsən, onda yəqin ki, daşa və qayaya toxunub, murada vasil olmamış sınacaqsan. Əlbəttə, tək öz nəfsinin salamatlığını mənzurda tutmayıb, ümumnasın xeyir və salahı yolunda səy və təlaş edən şəxsin başında bəlalar çoxdur, nəinki ol adamın ki, cümlə məxluq ilə müdara edib, hər işdə vahid öz mənfəəti-şəxsiyyətini gözləyə. Əlbəttə, rastrovluqda, dürüstkirdarlıqda və həqpərəstlikdə xəta və xətər çoxdur, nəinki haqq söyləməkdən çəkinib, məhz öz səlahı üçün künci-fəraqətdə sükunət ixtiyar etməkdə. Amma bununla belə, bizim ixtiyarımız yoxdur ki, xalqı haqq söyləməkdən, dürüstkirdar olmaqdan və haqq yolunda fədakarlıqdan daşındıraq. Biləks, hər bir sahibi-vicdanın və əhli-daniş və mərifətin əvvəlinci vəzifəsi əbnayi-milləti düzlüyə və doğruluğa dəvət etməkdir. Vətən uğrunda və millətin tərəqqisi və təalisi yolunda onları candan və başdan keçməyə, cürətli, şəci və müstəqim olmağa tərğib və təşviq etməkdir. Və illa adam bir öz başını və nəfsini qorumaqla, öz mənfəəti-şəxsiyyətini güdməklə, hər qisim cövr və sitəmə tab gətirib, hər bir bari-töhmət və məzəmmətə mütəhəmmil olmaqla və bu qədər xar və zəlil olub, qeyrilərin təhti-hökumətində əsirvar güzəran edib, bu günə dolanmağın adını "müdara" qoymaqla həqiqi səadətə və həqiqi nicata vasil olmaz. Belə dolanmağın nəticəsi qorxaqlıq, kəmcürətlik və yasarlıqdan başqa, zillət və məşəqqətdən səva bir şey olmaz. Öz rəy və fikrimizi açıq deməkdən çəkinib əyri ilə doğruya fərq qoymayıb haqqa və nahaqqa "bəli, bəli" deməklə belə fəna hala düşmüşük. Bizim əqidəmizə görə, tərəqqi və səadətimizə lazım olan əsbablardan birisi də cürətli, fədakar və dürüstkirdar olmaqdır. Buna binaən Nabi əfəndinin məzkur fərdini bu ibarə ilə dəyişib yazsaq, daha gözəl və məqbul olar: Kəmanmisal kəc olma, hərasi-can etmə, Xədəngi-rastrovü vadiyi-təlaş olgil! Aşağıda yazılan qəzəl dəxi Nabinin hikmətamiz kəlamlarından birisidir. Bu qəzəldə şair insanın hər fel və əməlində bir qərəz və bir mənzur olduğunu bildirir: Verməzdi kimsə kimsəyə nan, minnət olmasa, Bir məsləhət görülməz idi rüşvət olmasa. Xəlqin miyanəsində bulunmazdı ittihad, Məşriblərində vasiteyi-xissət olmasa. Kəndi vücuduna böylə qılmazdı məali xəlq, Qəsdi-nümayişi-şərəfü şövkət olmasa. Yox biqərəz müamilə əhli-zəmanədə, Kimsə ibadət etməz idi cənnət olmasa. Təhsili-elmin üstünə tərcih edərmi nas, Təhsili-məal vasiteyi-rifət olmasa. Kəmyab idi miyani-ləimandan imtizac, Mabeynində əlaqeyi-cinsiyyət olmasa. Etməz zühur ərsədə bir kimsədən kərəm, Ziminində qəsdi-daiyeyi-şöhrət olmasa. Baxmazdı kimsə ayineyi-safə, Nabiya, Xudbinlik əlaqəsinə alət olmasa. MÜQƏTTƏATINDAN NUMUNƏLƏR Təsirin anınla canibi-ülvidən olduğun Seyr et cəmaətin hərəkatın əzan ilən. İnsan odur ki, bir söz ilə bəndi-pa ola, Heyvan odur ki, bağlayarlar risman olən. Nöqsanı başqasilə olur, Nabiya, tamam, Hər kimsə kim, təkəllüm edər tərcüman ilən. * * * Dil ərşi-ilahidir, anı eyləmə təxrib, Dəsti-bəşər ol xanəyi tərmim edə bilməz. * * * Bihicr zövqi-vəsl nə məlum, Nabiya, Azadəlik səfası giriftarlıqdadır. * * * Bir zərrə yox bu kargəhi-sündə əbəs, Vasitədir biri-birinə çərxi saətin. * * * Həqiqi sanma hər bir gördüyün pərhizkarını, Fəsadə dərdməndin neyləsin, dəstində alət yox. Yapılmış, hazır olmuş səndən ol cümlənin kari, Sənin tədbirinə, ey çərx, zəhmət çəkmə, hacət yox. Cahanın zirü balasın təfəhhüs eylədim, Nabi, Təvəkkül kişvərindən qeyri yerdə istirahət yox. * * * Allah isə vəzində əgər niyyəti-vaiz, Kürsiyyi-səmavatə çıxar şöhrəti-vaiz. Əshabi-fəzilət ana möhtac diyildir, Cahillərə, nadanlaradır xidməti-vaiz. Satmazsa əgər xəlqə vəzifə ilə pəndi, Nabi, o zamanlar bilinir qiyməti-vaiz. Söz yoxdur əgər dəstinə məhşərdə girirsə, Balayi-məclisdə olan rifəti-vaiz. * * * Taki-həqirdə bulunan miyveyi-ləziz Ol qaməti-büləndə bədəldir çinardə. * * * Bədtər deyilmi çəğçəğeyi-asiyabdən, Nabi, o bəzm kolmaya növbətlə göftgu. Bu müxtəsər nümunələrdən əlavə, Nabinin müqəttəat babında nazik işarələri və hikmətli sözləri çox çoxdur, amma cümləsinin buraya küncayişi yoxdur. * * * Ağahüseyn "Arif" təxəllüs Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır. Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş. Hicrəti-rəsulun 1220-ci sənəsində ömrünün şüşəsi Şuşa şəhərində daşa toxunub sınmışdır. Aşağıda yazılan qəzəllər onun əsərlərindəndir: Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et, Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et! Yetişcək sayəvəş toprağə düş, qəmxarıma söylə, Qəmi-hicrində hali-zarımı izhari-qəmxar et-- Ki, ey peymanşikən, mehrü vəfası olmayan dilbər, Tərafül eyləmə, bir ləhzə əzmi-kuyi-dildar et! Əlindən öp, ona şərh eylə əhvali-pərişanı, Əyağına düşüb öz başın üçün yarə izhar et-- Ki, gəlmiş aşiqi-biçarə yanından səba, söylər-- Ki, ey qəmxar, xabi-nazdən cananı bidar et. Əcəl verməz aman, can nəqdini almaq dilər səndən, Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et-- Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada, Rəqibi, bar ilaha, mən kimi məhrumi-didar et! * * * Mümkün olmaz yarı görmək bir zaman əğyarsız, Gülşənin dövründə kim görmüş gül olsun xarsız?! Dövri dönmüş dövri-dövran bulmadı kamımca seyr, Çərxi-kəcrəftarı bir dəm görmədim azarsız. Qədrü qiymətlər tapıb kuyində yarın qeyrlər, Leyk mən qaldım qəmi-hicran ara qəmxarsız. Qəm məni pamal qıldı, ey müsəlmanan, haray, Olmasın kafir də, ya rəb, mən kimi qəmxarsız. Qəbrimin daşına yaz, ey əhli-dil, bu misrəi: Verdi Arif canını min həsrət ilə yarsız. * * * Günəş nuru deyil pərtöv salıb kövnü məkan üzrə, Yüzün nurudur ol, ey məh, düşüb əks asiman üzrə. Rəvan ol canibi-bostanə, ey sərvi-rəvan, ta gör, Üzün toprağə qoymuş sərvi-sərkeş busitan üzrə. Saraldı nərgisi-məstin qəmindən natəvan nərgis, Üzün gül gördü, xiclətdən qızardı gülsitan üzrə. Götürgəc pərdə yüzdən şurişü qovğa bülənd oldu, Qiyam etdi qiyamından qiyamətlər cahan üzrə. Qədəm bas başına, ta payimal et, sərfəraz olsun, Qoyub baş xəstə Arif pasiban tək asitan üzrə. Bu qəzəllərdən Arifin zərif və xoştəb bir şair olduğu anlaşılır. Heyfa ki, təqazayi-zaman elə imiş ki, Arif kimi şairlərimiz dilbərin vəsfindən, rəqibin sitəmindən, fəraqın ələmindən çərxi-kəcrəftarın cövrü zülmündən başqa bir şey vücuda gətirməyə qadir deyilmişlər. Və necə ki, o vaxtın şairi Nabi əfəndi deyibdir: Çıxamaz daireyi-dilbərdən, Qəddü xəddü ləbü çeşmi-tərdən. Gəh baharə dolaşur, gəh çəmənə. İlişür sərvü gülü yasəmənə. Rəhi-narəftədə cövlan edəməz, Sapa vadiləri seyran edəməz. Arifin yuxarıda yazılan qəzəllərindən səva yenə bir çox əsərləri alicənab müfti əfəndi Qaibzadənin "Məcmuə"sində məsturdur. * * * Ağabağır Yusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda: Bir belə mövsümdə, bahar çağdə Heyf deyil baş qala torpaqdə? Yəni insanın ömrü qəflətdə və zillətdə keçir. Şair Adəm övladına xitabən deyir; Keçir günüm eyş [ilə] işrətdə sən, Zövqü səfa eylə bu vəhdətdə sən! Nə qədr ki, bu ömri-dövlətdəsən, Çərxə vəfa bağlama, əlbəttə, sən! Seyran elə baği-nəzakətdə sən, Barvər ol nəxli-şərafətdə sən! Təlx etmə övqatını möhnətdə sən, Eylə məqam övci-səadətdə sən! Uyma, könül, bu xabi-qəflətdə sən, Aç gözünü bir nəzər afaqdə! Bundan sonra şair ulduzlardan, sabit səyyarələrdən--Mərrix və Ütariddən, Müştəri və Zöhrədən söz açıb və bunun dalısınca bürcləri bir-bir zikr eləyib, ərşdən, şəmsdən, qövsi-qüzehdən və tiri-şəhabın ləməsindən söyləyib, hər məxluqda qüdrəti-xaliqin əlamətlərini və nişanələrini göstərir. Şairin kəlamında mərifət əsəri və zövq-şövq hissləri müşahidə olunursa da, kəlamın özündə lətafət və çəndan rəvanlıq və mövzunluq görünmür. Ağabağırın dəxi əslü nəsəbi və məhəllü məkanı məlum deyil. * * * Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi. Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı. Mirzə Məhəmməd xanın övladından neçə nəfərləri rus xidmətində olub hökumət və izzət kəsb etmişdilər. Cümləsindən məşhuru və qabili mərhum Abbasqulu ağa olubdur. Bu zati-şərif ağıl və zəkavəti sayəsində az vaxtın içində bir çox ülum və fünuna dara olub, müasirləri beynində ad və san qazanmışdı və Qafqazın hər yerində adı söylənirdi. Mərhum Salikin müasiri imiş ki, ona "diyari-nəzmü şerdə padşahlıq" ləqəbi verməklə onu yad etmişdir. Abbasqulu ağa ülumi-mütənəvveəni, ərəb və fars dillərini Qubada və Dağıstanın sair mərkəzlərində təhsil etdikdən sonra Rus tərəfindən açılmış divanxanalarda qulluqlar edib, fitri zehn və fərasəti ucundan çox tez rus dilini və o dildə yazıb-oxumağı öyrənmişdir və o vaxtın əkabiri nəzərində mükərrəm və möhtərəm olub polkovnik çininə nail olmuşdur. Amma axırda dünya şöhrətini puç, cahü rəyasət tələbini biməzmun görüb, xidmətdən istefa veribdir. İbadətə və axirət sərmayəsini cəm etməyə məşğul olub Həccə--beytüllaha əzimət eləmişdir və tarixi-hicrətin 1261-ci salında ol cənab Məkkeyi-mükərrəmə ilə Mədineyi-münəvvərə arasında "Vadiyi-Fatimə" adlı mənzildə vəfat edib, haman yerdə dəfn olunmuşdur. Rəhmətüllahü əleyhi, rəhmətən vasiətən. [1] [1] Tərcüməsi: Allah ona çox-çox rəhmət eləsin. Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Həcc ziyarətinə əzimət etdikdə məşhur Quba qazisi Hacı Molla Abdulla axundu dəxi özü ilə bərabər aparmışdı. Vəqti ki, Qüdsi öz ziyarətini itmama yetirir, üzünü dərgəhi-həqqə tutub deyir: "Pərvərdigara! Hər padşahdan mənə nişan verilibdir, səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun!" Hacı Molla Abdulla axund o nişandan murad nə olduğunu soruşur. Hacı Abbasqulu ağa deyir: "O nişan bu müqəddəs məkanda ölməkdir". Necə ki, mərhumun arzusunca iş vaqe olur. "Gülüstani-İrəm"in axırında mərhum Abbasqulu ağa Qafqaziyada vücuda gələn üləmavü üdəbavü şüəradan filcümlə məlumat verdikdən sonra öz seyrü süluku və tərcümeyi-halı ilə dəxi bizi aşina edir. Abbasqulu ağa yazır: "Mən anadan olmuşam hicrətin 1208-ci ilində ki, tarixi-məsihiyyənin 1794-cü salına mütabiqdir. Anadan olduğum yer Əmirhacıyan (Xilə) qəryəsidir ki, Bakı xanlığında vaqedir. Təhsilə başladığım vaxt yeddi yaşında idim, fəqət on ilin müddətində etinaya layiq bilik və məlumat kəsb etməyə müqtədir ola bilmədim. Bunun da səbəbi o zamanlar hər yerdə müharibə və şuriş davam etməyi idi. Bu müddətin ərzində öyrəndiyin bir şey var isə, o da fars dilinə kifafınca aşina olduğumdur. Siyasət aləmində vücuda gələn qovğalar sakit olcağın bizim ailəmiz Qubaya köçdü. Qubaya köçən zamandan tamam on il ərəb dilinin və bəzi elmlərin təhsilinə ömür və əmək sərf etmişəm. Maddi və qeyri-səbəblərin mane olmağına baxmayaraq, bu müddətin ərzində ülumda cüzi bir şöhrət qazanmağa qadir oldum. Qafqaz nahiyəsinin hərbi sərkərdəsi general Yermolov 1235-ci hicri--1820-ci məsihi tarixində məni hüzuruna Tiflisə dəvət edib, dövləti bir xidmət mənə təklif etdi. Tiflisdə sakin olarkən rus dilini öyrənməyə səyü həvəs etdim və bu dilin köməyi ilə Avropa mədəniyyətinə filcümlə bələd oldum. Daima böyük adamların və sərkərdələrin yanında olduğumdan Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan, Gürcüstan, Anadolu və Azərbaycan vilayətlərini gəzib, kamalınca o yerlərə bələd və aşina oldum. Hər vilayətə qədəm qoycaq oranın əhval, övzavü məkanına və əhalinin tərzi-məaşına diqqət yetirdiyim kimi, ürəfa, üqəla və hükəması ilə də görüşüb yaxınlaşmağa müvəffəq oldum. Türkiyə və İran müharibələrində--ki, hicrətin 1248-ci və miladın 1833-cü tarixində vaqe olmuşdu,--mən knyaz Paskeviçin hüzurunda sahibmənsəblər dairəsinə daxil oldum. Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam. Bu səyahətimdə ağıla və ruha qəza və pərvəriş verici bir çox şeyləri görüb, onları əxz etməyə səy və himmət sərf etmişəm. Bəşəriyyətin övzavü əhvalına dürüst mültəfit olub özümə yəqin etdim ki, bu dünya dari-fənadır. Bir şey yoxdur ki, bunda daimi və əbədi olsun. Ad və şöhrət puçdur. Dövlət və mənsəb müdam bir qərar üzrə qalmaz. Nə qədər nəcib və məşhur bir silsilədən olursan, ol, vəqti ki, özündə layiqi-etina bir şey yoxdur, xalq nəzərində qədrü qiymətini itirmiş olursan. Ancaq bir şeyə etiqadım dürüst və inanmağım möhkəmdir, o da budur: Ülum və fünun aləmində bir mərifət və məharət qazanar isən, lazımınca bilik hasil edib özündən sonra gələnlərə öz elm və biliyindən bir səmər və əsər qoyar isən, ol vaxt özünü xoşbəxt hesab etməyə haqqın olar; dari-üqbaya rehlət edəndən sonra bu dünyada yenə yaşamış kimi olursan. Belə bir əqidədə olduğumdan və bu əqidəni sevdiyimdəndir ki, ona xidmət etməyi özümə vacib bilib bir neçə əsərləri qələmə almağa cəsarət etmişəm". Haman əsərlərin barəsində aşağıda məlumat veriləcəkdir. Mərhum Abbasqulu ağa qayətdə zirək, sahibi-əqlü mərifət bir zati-pəsəndidəsifat imiş ki, cümlə müasirlərinin qəlbində onun məhəbbəti var imiş. Elm və biliyindən əlavə onun çox rəvan və zərif təbi-şeriyyəsi var imiş. Türki, farsi və ərəbi dillərində bir neçə təsnifat və rəsaili mövçuddur. Hacı Abbasqulu ağanın ehtimamı ilə Qubada bir ürəfa məclisi tərtib olunmuşdu. Bu işdə ona artıq dərəcədə kömək edən dostu Hacı Molla Abdulla axund olubdur. Bu məclisə Abbasqulu ağanın dost və aşnaları cəm olub ruhani söhbətlər edərlərmiş. Abbasqulu ağanın vəfatından sonra bir müddət məclis pozulur və şer bazarı kəsad olur. Amma sonradan Qubada yenə ürəfa məclisi tərtib olunur və o məclisin adı--necə ki, Quba şairlərinin kəlamından görünür,--"Gülüstan" imiş. Mərhum Abbasqulu ağa bir pakdamən, xoşxülq, xoşkirdar və haqqpərəst şəxs olduğu üçün öz halü şəninə münasib "Qüdsi" ləqəbini ittixaz etmişdir. Əgərçi mərhum özü şieyi-isna əşəri məzhəbində imiş, amma etiqad cəhətincə qeyri-müasirlərinə bənzəməz imiş və xüləfayi-səlasəyə, rəfzü səbb kimi nalayiq əməllərə razı olmaz imiş. Onun məsləki və əqidəsi kəlamlarından vazeh və aşikardır və əfalül-ibada dair olan məsəleyi-əqidədə "lacəbrə və latəfviz bəlhiyə beynəl-əmreyni" xüsusunda mənzum olunmuş bu beytlər kəlami-bəlağətni-zamındandır: Hər kəs əməl ze xiş nəbinəd nə moumenəst, Van həm ke nesbətəş nə behəq dad kafərəst. Biqovve felra becəhan çon vocud nist, Dər exteyare-mast əməl həm moqəddərəst. Qodsi nikust hər çe resəd əz cənabe-dust, Dər zemne-hər fəsad səlahi moqərrərəst. [2] [2] Tərcüməsi: Hər kəs əməli özündən görməsə mömin deyil, Öz meylini haqqa tərəf salmayan kafirdir. Dünyada qüvvəsiz hərəkət olmadığından Əməl də bizim ixtiyarımızdadır, həm də dəyişilməzdir. Ey Qüdsi, dostdan hər nə yetişsə, xoşdur, Hər fəsadın arxasında yaxşılıq durur. Mərhum Qüdsinin mütəəddid əsərlərindən məşhur olanları bunlardır: "Gülüstani-İrəm"--fars dilində. Bu kitabın məalı Dağıstan tarixinə, övzavü əhvalına, onda sükunət edən müxtəlif tayfaların dolanacağına, adatü ayinlərinə və dillərinə dair məlumatdan ibarətdir. "Asari-Dağıstan" kitabının müəllifi mərhum Mirzə Həsən əfəndi Əlqədari,--necə ki, özü yazır,--"Gülüstani-İrəm"dən xeyli məlumat və mühüm əhvalat öz kitabı üçün əxzü istixrac edib, farsdan türkə tərcümə qılmışdır. Necə ki, "Gülüstani-İrəm"də təhrir olunubdur, Qüdsinin başqa təsnifatı bunlardır: "Riyazül-qüds"--türk dilində. Bu kitabın mündəricatı əhli-beyti-rəsulüllah səlləllahü taala əleyhi və səlləmin vəqayei xüsusundadır. "Qanuni-Qüdsi"--sərfü nəhvi-farsi. Bu kitabdan bir nüsxə həqirdə vardır. Mərhum müsənnif sərfü nəhvin qəvaidü üsulunu şərhü bəyan etdikdə hər bir qayda və üsul üçün fars dilində bəzi əbyat, rübaiyyat və misralar timsal gətirir. Onlardan bəzini fars şairlərinin kəlamlarından iqtibas etmişdir və bəzini öz təbi-füsunsazı ilə vücuda gətirmişdir. "Kəşfül-qərayib"--fars dilində. Yeni dünyanın--Amerikanın kəşfi və əhvalı xüsusunda. "Təhzibül-əxlaq"--maarifi-əşya babında, fars dilində. "Kitabi-nəsihət"--türk dilində. "Eynül-mizan"--ərəb dilində. İki babdan ibarətdir. "Əsrari-mələkut"--fars və ərəb dillərində elmi-nücum və heyət babında yazılmış əsərdir. Burada mərhum Abbasqulu ağa elmi-nücumdan verdiyi məlumatı Quranın ayatı rəsuli-xudanın qövlü ilə tətbiq etmişdir. "Ümumi coğrafiya"--fars dilində. "Müşkatül-ənvar"--fars dilində əxlaqa dair mənzum əsərdir. "Miratül-cəmal"--farsca əşar. "Kitabi-Əsgəriyyə". Quba əhlindən Əsgər adlı bir cavanın keyfiyyəti-halı və güzarişi-məalı xüsusunda təsnif olunmuşdur. Bu, xırdaca və baməzə, türk lisanında nəsrən və nəzmən təlif olunmuş bir hekayədir. Mərhum Mirzə Əbülhəsən bəy Vəzirov "Zövi" təxəllüsün "Qəvaidi-3öviyyə" nam məcmuəsində təb olunmuşdur. Bunlardan əlavə mərhum Abbasqulu ağanın bir çox təsnifatı və hər qisim əşarü kəlamı vardır. Heyfa ki, onlar bu halda çətinlik ilə tapılır. Həqir bu barədə çox çalışdısa da ki, onlardan mümkün olan qədəri ələ gətirsin, müyəssər olmadı. Bu xüsusda mərhum Mirzə Həsən əfəndi Əlqədari söz vermişdi, səd əfsus ki, ona da əcəldən macal olmadı. Ancaq Mehdi bəy Hacınski vasitəsilə "Nəsihətnamə"dən bir nüsxə əlimizə yetişdi və Quba şairlərinin tərcümeyi-halı və əşarü asarı xüsusunda bir çox məlumat ol cənabın himmət və səyi ilə hasil olundu. Barı əldə olanlara qane olub, onun qüvveyi-şeriyyəsini və dərəceyi-kəmalü mərifətini və filcümlə hansı bir məslək və rəvişdə olmasını bəyan etmək üçün nümunələr göstərməyi lazım gördük. "Kitabi-Əsgəriyyə"nin başında mərhum Abbasqulu ağa bu gunə lisani-bəlağətsənci ilə göftara gəlib deyir: "Pabəsteyi-səlasili-möhnət və giriftari-zindani-məhəbbət. Bəsteyi-dami-ələm, pamali-ənduhü məlal, Bülbüli-gülzari-möhnət Qüdsiyi-şuridəhal. Bu rəsmi-dilaviz ilə firqeyi-ülül-əlbabə bəyani-mafilbal etmiş kim, riyazi-vücudi-bəşəriyyədə qisim-qisim möhnət və ənduh nihalı yədi-qüdrət ilə əkilibdir və insanın sinəsi beş gün məsrur olsa da, on gün qəmü qüssə ilə malamal olur. Bainhəmə labüddən aləmi-surətdə iqtizayi-təbiəti-bəşəri oldur ki, hər kimsə gərəkdir bir növ mənzur ilə cilabəxşi-didəvüdil olub övqati-şərifini zaye və ömri-əzizini bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəflətdən təbi-talibi-huşyarə badeyi-cəhl içirməsin: Hər dildə ki, yox nişaneyi-eşq, Arayişi-qəm, fəsaneyi-eşq, Əlbəttə, deyil kəmalə qabil, Övqatı keçər, vəli nə hasil? Bibəhrə qalır bu müddəadən, Təhsili-ləzayizi-səfadən. Ey dil, tuta gör xəyal zövqün, Ta dərk edəsən vüsal zövqün. Eşq ilə cahanda biniyaz ol, Amma rəvişində pakbaz ol! Dəhr etsə əgər cəfa iradə, Sindan kimi səxtdir vəfadə, Vər başına çalsa dəsti-matəm-- Çaküç kimi çərx, çəkmə sən qəm. Ah ilə olur dəhən yolu bənd, Ləbrizi-şərarə kurə manənd". Qüdsinin bu kəlami-mövzunu xoşməzmun və layiqi-təhsin kəlamlardan birisidir. Övqatını dünyada bixəbər və biəsər keçirənlər və qəlbləri mehrü məhəbbətdən xali qalanlar, fəraqın cəfasını və vüsalın səfasını görməyənlər, dünyanın keşməkeşinə, bərkinə və boşuna düşməyənlər, ənvai-zəhmətlərə və əqsami-məşəqqətlərə düçar olmayanlar, murad və məqsədə vasil olmaq yolunda candan və başdan keçməyənlər, əlbəttə, bicövhər, kəsif və qafil kəslərdir ki, onların vücudu ilə ədəmi beynində bir təfavüt yoxdur. Onlar, necə ki, şair deyir: Bibəhrə qalır bu müddəadən, Təhsili-ləzayizi-səfadən. Könül evini eşq zövqü həvası ilə məmur edənlər və məhəbbət nuru ilə işıqlandıranlar, rəvişlərində pakbaz və müstəqim olanlar dəhrin cəfası müqabilində gərəkdir zindan kimi səxt dursunlar və dəsti-qəza yəsü matəm çəkicini onların başına çaldıqda qəmü ələm çəkməsinlər; hər bir cəhətdə öz qissə və niyyətlərində, rəviş və məsləklərində səbat və dəyanət göstərsinlər. Qüdsinin atidə dərc olunmuş müxəmməsi dəxi yuxarıda yazdığımız bəyanatı bir növ təsdiq eləyir ki, aşiqi-sadiq dost yolunda sabitqədəm olub, gərəkdir canü başdan keçsin. MÜXƏMMƏSİ-QÜDSİ Dila, əzm eylə sən bülbülsifət gülzarə, bismillah, Muradın olsa meyil etmək fəğanü zarə, bismillah, Gər istərsən müdam olmaq cigər sədparə, bismillah, Qərəz, fikrin tamaşadır əgər dildara, bismillah, Nəzər qıl ləli-canbəxşü ruxi-gülnarə, bismillah. Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl, Gərəkməz namü namusum, qəmi-eşq ilə rüsva qıl, Verib dünyavü din nəqdin mətai-vəslə sevda qıl, Əgər yox dəstrəs sövdayə, barı get, tamaşa qıl, Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah. Çəkərdin arizu daim, deyərdin şövqi-yar ilə-- Ki, düşsün ittifaqi-vəslət ol siminüzar ilə, Edim canım ona təslim zövqü etibar ilə, Durubdur ol büti-sərməst tiği-abdar ilə, Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah. Demişdin, ey büti-tərsanigəh, bərhəmzəni-aləm-- Ki, etməm aşiqimdən mən yaman gün iltifatım kəm, Alıbdır səbrimi dərdü bəla, can qəsdin eylər həm, Əgər iqrarı sabitsən, vəfa həngamidir bu dəm, Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah. Olubdur qərqi-xunabi-cigər çeşmi-tərin, Qüdsi, Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi, Gətir təqrirə, bir-bir yarə ərz et qəmlərin, Qüdsi, Əgər bu şivədən dilgir olursa dilbərin, Qüdsi, Şüru eylə bir özgə vəch ilə izharə, bismillah. Qüdsinin bu müxəmməsini Əli bəy Hüseynzadə "Füyuzat" nam jurnalının 28-ci nömrəsində şairin öz təsviri altında dərc etmişdir. "Qəvaidi-Zöviyyə"də dəxi bu müxəmməs mətbudur. Qəzəllərindən bir-ikisini nümunə üçün burada dərc edirik. QƏZƏLİ-QÜDSİ Arizu eylər könül dildar gəlsin, gəlmədi, Zülfi kafir, gözləri xunxar gəlsin, gəlmədi. Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim Dilrübalər fövcünə sərdar gəlsin, gəlmədi. Cana gəldim bivəfalər ülfətindən, istərəm Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi. Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar, Gözlədim ol şux gülruxsar gəlsin, gəlmədi. Ləhceyi-canpərvərindən şur salsın aləmə, Əndəlibi-sahəti-gülzar gəlsin, gəlmədi. İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin, Kuşiş etdim zinəti-göftar gəlsin, gəlmədi. Əyzən qəzəli-Qüdsi: Çox gözdə sürmə, əldə həna, üzdə xal olur, Nisbət bu qaşü bu gözə bənzər məhal olur. "Qaf"i-qaşın, o "ta"yi-telin, "lam"i-ləblərin Adəmdə əlbir eyləsə, billah, "qital" olur. Lövhi-xəyalə hər necə tərh eyləsəm qaşın, Gəlməz xəyalə, axırı məhz xəyal olur. Sirri-dəhanı sordum o şəkkərdodaqdən, Pünhan danış bu sirri--dedi--qilu qal olur. Görcək o atəşin üzünü nitqim oldu lal, Qüdsi, cərəs düşəndə oda zəngi lal olur. Qüdsinin nəzm ilə yazılmış bir naməsi dəxi onun gözəl şerlərindən birisidir. Haman namə burada eyni ilə dərc olunur: Sən orda səfa ilə Dilculər arasında. Mən qalmışam avarə Gürcülər arasında. Dərdü qəmi-hicrandan Qürbətdə pərişanəm, Döndü cigərim qanə Qeyğulər arasında. Gürcüstan gözəllərini şair tərif edib deyir: Bir yanə əgər baxsam, Qəm çəkmək olur bica Bunlar kimi məhtələt Xoşxulər arasında. Hər canibə əzm etsəm, Əzbəs ki, gözəl çoxdur, Tutisifətəm heyran Güzgülər arasında. Əbr içrə günəş manənd Pərtov salır afaqə Ruxsarəsi hər şuxun Giysulər arasında. Yüz işvəvü mehr ilə Aşiqlərə meyil etmək Bu şəhrdə adətdir Məhrulər arasında. Bunları görüb, Qüdsi, Hər kimsə ki, aqildir, Qılmaz özünü rüsva Bədgulər arasında. Qüdsinin bu kəlamına nəzirə olaraq Qarabağ şairlərindən bir neçəsi bu misilli şerlər yazmışlar. Onlardan məşhuru Mirzə Əliəsğər "Novrəs" təxəllüslü şairin qəzəlidir ki, bu sayaq başlanır: Könlüm elə pünhandır Giysulər arasında, Şanə gəzibən tapmaz Yüz mulər arasında i. a. Bu mürəbbe öz mövqeində yazılacaqdır. Rusların ədibi və təmsilnəvisi Krılovun təmsilatından "Eşşək və bülbül" ünvanı ilə yazılmış qissəni mərhum Abbasqulu ağa türkə bu gunə tərcümə etmişdir: Nəqldir bülbülü görüb eşşək, Dedi: "Qəlbimdə vardır üqdeyi-şək. Xəlq edər sövtü ləhcəni tərif, İstərəm mən həm eyləyim tövsif. Ey olan hüsni-sövtdə məruf, Eylə bu şəkk üqdəsin məkşuf. Xəlq əqvalı ta ola məlum, Sidqu gizbini mən edim məfhum. Et bu dəm bir nəvayi-xoş avaz, Qıl qəbul iltimasım, eyləmə naz". Eşşəyin iltimasın ol bülbül Çün qəbul etdi, eylədi ğülğül. Guşini tutdu xər ki, çün nasus, Özü həm durdu sakitü salus. Eşidib sövtü nəğməsini tamam, Dedi: "Səd heyf, heyf, heyf müdam. Gərçi aləm içindəsən məşhur, Şöhrəti-kizbə olma sən məğrur! Nəğmədə nəqs çox və leyk, əfsus, Sənə təlim etməyibdi xorus. Nə xoşavazdır xorusi-səba, Qəlbi şad eyləyir qılanda nəva". Bülbülə sözləri edib təsir, Dedi: "Xoşdur sənə həmişə nəfir. Ləhni-sövtüm edər cahana əsər, Sənə təsir etmədi, ey xər!" Bülbül azürdə eylədi pərvaz, Bu misal ilə çox olur pərdaz. Ol kəsin halı matdır, heyran, Özü aqil, mürəccəhi nadan. Bizə xaliq ola müinü pənah Cahil hakim edəndə əmri-təbah. Bu təmsili indiki həyat üzrə olan şairlərimizdən bəziləri təlimi-ətfalə məxsus tərtib olunan kitabçalar üçün rusdan türkə tərcümə etmişlər, vəli heç biri belə xoş səbkdə və şairanə tərcümə edə bilməyibdir. Burada Qüdsi təmsili sözbəsöz--təhtəl-ləfz tərcümə etməyibdir. Ancaq onun mənasını özü xoşladığı tərzdə nəzmə çəkibdir. Krılov bülbülün gözəl nəğmələrini və zərif sövtünü tövsif edibdir. Abbasqulu ağa isə eşşəyin halətinə və onun xoruzu mədh etməsinə diqqət yetiribdir. Eşşəyin nə halət üzrə bülbül oxuduğu əsnada durmasını şair artıq məharətlə bir beytdə bəyan edir: Guşini tutdu xər ki, çün nasus, Özü həm durdu sakitü salus. Abbasqulu ağanın bu şairanə tərcüməsi hər bir qiraət kitabçasını zinətləndirə bilər. Vəli, çifayda, hər kəs öz yazdığını sevir; yaxşı-yamana tərcih verən yoxdur!… Mərhum Abbasqulu ağa həcv yazan və ləğv söyləyən şairlərimizdən deyil idi. Onun yazdıqları ya həqiqi eşqdən, ya ülumi-mütənəvveədən və ya pəndü nəsayihdən ibarətdir. Vəli Təbriz bələdəsinə müsafirət edib orada bir neçə müddət məksü iqamət etdiyi zamanı Təbriz əhlinin şənində bir neçə qılıncdan kəskinraq şerlər yazmışdır ki, onlardan bəzini burada dərc edirik: Əya güruhi-sitəmgər, əhaliyi-Təbriz, Vəfa yerinə cəfa sizdə bu nə adətdir?! Nə elmə talib olan var, nə mənidən agah, Görüm, ilahi, dağılsın, necə vilayətdir?! Nə rahü rəsmi-nəsara, nə şiveyi-islam, Nə bütpərəst süluki, bular nə millətdir?! Nə qədr seyr elədim küçə ilə bazarı, Adam çox az görünür, izdihami-kəsrətdir. Vüfuri vardır üç firqənin bu kişvərdə, Axund ilə xərü xan bihədü nəhayətdir. Onun əmmaməsi rəngin, bunun yükü səngin, Xüsusən ol birinin cübbəsi qiyamətdir. Xəri çıxart aradan, bunlara şəbahəti yox, O binəvanın işi rənc ilə riyazətdir. Axund ilə xana hər tənə eyləsən yaraşır, Bu müftəxorların əndişəsi şərarətdir. Kimin ki, xülqü müzəyyəndir, istəməz zivər, Kişi özün bəzəmək cəhldən əlamətdir. Yetişdi iş o yerə hər kəsin ki, saqqalı-- Hənalı, olsa uzun, hörməti ziyadətdir. Ha böylə olsa parak, tazı tuladan yekdir, Sürü içində siyiz sahibi-kəramətdir. Bu şerləri mərhum Abbasqulu ağa həştad sənə bundan irəli yazmışdır. Əgər indi "İbrahim bəyin səyahətnamə"sinə diqqət yetirilsə, yəqinlik hasil olar ki, bu müddəti-mütəmadiyyənin ərzində Təbriz əhalisinin əhvali-ictimaiyyəsi, övzai-məişəti və əxlaqi-rəziləsi sabiqi qərar üzrə davam etməkdədir. Bu uzun müddətlərdə cümlə millətlər ayılıb tərəqqi etdikdə müsəlmanlar yatmaqdan usanmadılar; yatdılar və belə fəna hala düşdülər, məğlub və məyus oldular…. Belə rəvayət olunur ki, Qüdsi cənabları Təbrizdə olan zamanı məhərrəmül-həram ayı imiş, Orada vəliəhdin ziyadə şükuhlu və pürzinət təkyəsinə güzəri düşdükdə onun divarında bu şeri yazılmış görübdür: Bu sərbazü əsasi-şahzadə Olaydı kaş o dəmdə Kərbəladə. Mərhum Qüdsi bir növ fürsət bulub, onun aşağısında bədahətən bu cavabı qeyd etmişdir: Büsati-cəng olan saət qaçardı, Qoyardı sərvəri-dini aradə. Bu keyfiyyətin haqqü savab olması ravinin öhdəsinə həvalə olunur. Mərhum Hacı Abbasqulu ağanın fars dilində yazılmış bir çox abdar və dilpəsənd əşarı vardır ki, onlardan bəziləri farsların böyük şairləri yazdığı kəlama bərabərdir. Burada ancaq onun eşqi-həqiqi barəsində yazdığı məsnəvini dərc etməyə iktifa edirik. MƏSNƏVİYİ-ABBASQULU AĞA Ey xoda xahəm ğəmo rənco bəla, Ey bəlayəşra təno canəm fəda! Micəhət birun dele-divaneəm, Mikeşəd bər canebe-meyxaneəm. Şouğ xod suzist, ma pərvaneim, Leyk mohtace-yeki pərva neim. Pak suz in nimsuze-xişra, Nuşdaru bəxş sine rişra. Eşqe-Şirin bər sərəm şuri fekənd, Kuhkənra baz şod tişe bolənd. Kuhkən mən nistəm, nə Vameqəm, Mən nə bər Şirino Əzra aşeqəm. Aşeqəm bər Leyliye-keşkarvan, Çon cərəs dər şureşəndo dər fəğan. Darəd u yek məhməle-naqe cəhan, Comle əndər zire-barəş natəvan. Ey cəhan heyrano sərkərdane-to Vey təno canəm bəla gərdane-to. Ey to məşuq, ey to aşeq, ey to yar, Ey to qazi, ey to Mənsur, ey to dar. Mər məra dadi dele-divanei, Xanesuzo əz xerəd biganei. Ba məhəbbəthaye-xiş amixti, Bər dərunəm eşqe-Leyli rixti. Eşqe-Leyli şolevər şod dar deləm, Baz Məcnun gəşt rəye-aqeləm. Pare kərdəm selsele-tədbirra, Mən nəxahəm bəd əz in zəncirra. Baz kon in selsele əz gərdənəm, Xod rəvəm anca ke, xahi bordənəm. Əz koca mən cuyəmət, ey bineşan, Mən nədanəm dər koca dari məkan. Gəh ze Kəbe cuyəmət, gahi ze deyr, Gəh bəre-xod yabəmət, gəh pişe-ğeyr. Gəh ço ənqa bineşan kaşanei, Gəh ço şəməndər dərune-xanei, Minədanəm əz bərayət mənzeli, İn qədr danəm ke, saken dər deli. Afərin bər eşq, bər ğouğaye-eşq, Baz bixod gəştəm əz soudaye-eşq. Eşq atəş zəd məra sər ta bepa, Mərhəba, ey eşqe-xuni, mərhəba! Eşq bər aləm fekənde ğolğole, Eşq Şirinra zəde dər selsele. Eşq sazəd atəş, abo xakra, Eşq suzəd xərməne-əflakra. Eşq bər şahan dəhəd əczo niyaz, Mikonəd Məhmudra bənde-Əyaz. Ney, xəta şod, mən kocavo aşeqi, Eşq bərtər kare-hər nalayeqi. Eşqbazi nist kare-hiç kəs, Minəyayəd kare-şahin əz məgəs. Aşeqi kare-Hoseyne-təşisəst, Ku həmi təşne bezəxme-dəşneəst. Zəxme-tiğo xəncəro tiro kəman Bər şəhe-din mizədənd an kafəran. U həmi miqoft ba suze-cegər, Zende şod canəm, bezən zəxme-degər. Mər məra, ey kaş, səd can mişodi, Ta həme isare-canan mişodi. Ey dəriğa, canəm əz yek biş nist, Tohfeye-zin biş dər dərviş nist. Minədarəd məğz an aşeq ke, pust Çak minətvan zədən dər rahe-dust. Məğz çe bud, şust çe bud, dust dust, Aşeqanra eyne-məqsud ust, ust. Ey qoman darid ke, quya ey qoruh Kəz ətəş mən amədəstəm bər sotuh. Ab əgər xahəm, zəmin dərya şəvəd, Xak dər afaq napeyda şəvəd. Mən nə təşne, səlsəbile-kousərəm, Abe-heyvanəst əz pa ta sərəm. Hokməm ər bər əkse-in douran şovəd, Aseman saken, zəmin gərdan şəvəd. Bər dərid, ey kaferan, in pərdera, Həm nəhid in qalebe-əfsordera. İn təne-lağər miyane-mast, han, Bər keşid in pərdera xoş zin miyan. Ney xəta şod tən həm əz canəst can, Can ze tən başəd əgər bini əyan. Minədidi çon sərayəd Mouləvi, Bolbole-bağe-cinan dər "Məsnəvi": "Tən ze cano can ze tən məstur nist, Leyk kəsra dide-can dəstur nist". [3] [3] Tərcüməsi: Ey bəlasına bədənim, canım fəda olan, Ey allah, mən qəm, əzab, bəla istəyirəm. Dəli könlüm çıxmağa can atır, Məni meyxanəyə tərəf çəkir. Şövq özü oddur, biz pərvanəyik, Lakin birçə buraxılışa (buraxılış vərəqəsinə) ehtiyacımız var. Bu yaranmışını təmiz yandır, Yaralı sinəyə bir məlhəm bağışla. Şirinin eşqi mənim başıma şur saldı. Kuhkənin külünkü yenə göyə qalxdı. Mən Kuhən deyilom, Vamiq də deyiləm, Mən nə Şirinə, nə də Əzraya aşiq deyiləm. Mən bir Leyliyə aşiqəm ki, Karvan ondan zınqırov kimi daim şuru fəğandadır. Onun karvanının dunya adlanan bir dəvəsi var ki, Hamı onun yükünün altında açizdir. Ey dünya heyranı və sərkərdanı olan, Ey çanım və bədənimlə qada-bəlasını aldığım, Ey məşuq, aşiq, yar olan, Ey qazi, Mənsur, dar ağacı olan, Məgər dəli, ev odlandıran, Elmdən xəbərsiz ürəyi mənə verdin?! Öz məhəbbətlərinlə qarışdıraraq Mənim daxilimə Leylinin məhəbbətini tökdün. Leylinin eşqi qəlbimdə şölələndi, Yenə ağıllı fikirlərim dəli oldu. Tədbir zəncirini qırdım, Bundan sonra mən zəncir istəmərəm. Boynumdan bu zənçiri aç, Aparacağın yerə özüm gedərəm. Ey nişansız, səni harada axtarım? Sənin məkanın harada olduğu mən bilmirəm, Səni gah Kəbədə axtarıram, gah kilsədə, Səni gah öz yanımda tapıram, gah özkə yanında. Gah ənqa kimi nişansız kaşanədəsən, Gah da şam kimi evin içində. Sənin üçün bir mənzil bilmirəm, Bu qədər bilirəm ki, ürəkdə sakinsən Eşqə, onun qövqasına afərin! Yena eşq sevdasından bihuş oldum. Eşq mənə başdan ayağa kimi od vurdu, Əhsən sənə, ey qanlı eşq, əhsən! Aləmə hay-küyü eşq salmışdır, Şirləri eşq zəncirləmişdir. Suyu və torpağı oda eşq çevirir, Fələklər xərmənini eşq yandırır. Şahları aciz və möhtaç eşq edir, Mahmudu Ayaza eşq bağlayır. Yox, səhv oldu, mən hara, aşiqlik hara? Eşq hər nalayiqin işindən yüksəkdir, Eşqbazlıq hər oğulun işi deyil. Qartalın işi milçəyin əlindən gəlməz, Aşiqlik susuz Huseynin işidir, O, xəncər yarası üçün susuzdur. O kafirlər din padşahına-- Nizə, qılınç və ox yarası vurduqca, O, cigər yanğısı ilə deyirdi: "Dirildim, başqa yara vur!" Kaş ki, mənim yüz canım olaydı, Hamısı canana fəda olaydı. Əfsus, canim bir dənədən artıq deyil, Dərvişin bundan artıq töhfəsi yoxdur. O aşiqin beyni boşdur ki, Dost yolunda özünü parçalaya bilmir. Beyin nədir, dəri nədir, dost dostdur, Aşiqlərin məqsədi eynən odur, odur! Ey çamaat, siz elə bilirsiniz ki, Mən susuzluqdan çana gəlmişəm? Mən əgər su istəsəm, yer dəniz olar, Dunyada torpaq tapılmaz olar. Mən susuz deyiləm, özüm Səlsəbil və Kövsərəm, Başdan ayağa kimi dirilik suyuyam. Hökmüm əgər bu dövranın əksinə olsa, Asiman dayanar, yer hərəkətə gələr. Ey kafirlər, bu pərdəni yırtın! Bu solmuş bədəni buraxın! Bu arıq bədən bizim aramızdadır, baxın!-- Bu pərdəni aradan götürün! Yox, səhv oldu, bədən də çandır, Əgər diqqətlə baxsan, can da bədəndir. Görmədin cənnət bağının bülbülü Movləvi "Məsnəvi"də neçə demişdir: "Bədən çandan və çan bədəndən ayrı deyildir, Lakin heç kəsə çanı görmək imkanı verilməmişdir"…. Qüdsinin bu məsnəvisi ustadi-möhtərəmi olan Cəlaləddin Ruminin kəlamına bənzəyir desək, xəta etmiş olmarıq. Məhəbbəti-ilahi və eşqi-həqiqi barəsində yazdığı biri-birindən gözəl və suzişlidir: Afərin bər eşq bər ğouğaye-eşq Baz bixod gəştəm əz soudaye-eşq-- --deyib, şair doğrudan da bixudluq halına düşür və eşqi-həqiqini tərif edir, özünə xitabən deyir: Mən hara, eşq hara!… Eşq mənim kimi üftadə və fürumayələrin şənindən bərtərdir. Şahinin hünəri məgəsdən bəid olduğu kimi, aşiqlik hünəri də bizim kimi gədalardan uzaqdır. Aşiq olmaqlıq məhz Kərbəla şəhidi, dodaqları ətəşdən parçalanmış İmam Hüseyn əleyhissəlamın işidir ki, ona eşq yolunda, din və həqqaniyyət uğrunda nə qədər xəncər, ox və nizə vururdularsa, yenə də o, suzicigərlə deyirdi: Vurun! Sizin zəxminizdən canım zində olur. Kaş yüz canım ola idi ki, canan yolunda onları fəda edəydim. Mərhum Hacı Abbasqulu ağa təlif etdiyi əsərlərdən "Nəsihətnamə"yə gəldikdə, onların məalından mərhumun fazil, alim və həkim bir şəxs olduğu görünür. Bu kitab 102 həkimanə nəsihətlərdən ibarətdir ki, mərhum Qüdsi onları təlimi-ətfal üçün tərqim etmişdir. Ziyadə sadə və açıq dildə [olan] bu nəsihətləri böyüklər də gərəkdir dərguş edib, onlara əməl etsinlər, ta ki, özləri üçün nicat və səadət yolunu bulsunlar. "Kitabi-nəsihət"i mərhum Qüdsi cənab həqqə həmdü səna edib və rəsuli-əkrəmimizə səlatü səlam göndərdikdən sonra belə başlayır: "Günahkarlığa və acizliyə iqraredici bəndə Abbasqulu İkinci Mirzə Məhəmməd xanın oğlu Bakui (allah onların hər ikisinə cənnət ilə nicat versin!) hərçənd uşaqlara təlim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfzdə və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət eləsin. Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və bəzisi mənada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları anlamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt etmək və anlamaq müşkül görünür. Bu səbəbdən bu sözün mənasından ki, "Əlelmu fissuğri kənnəqşi filhəcəri" yəni uşaqlıqda elm öyrənmək daşda nəqş salan kimidir, qəflət vaqe olmasın, xülğün göyçəkliyini istəyən gərəkdir uşaqlıqda dərs versin. Çünki sonradan pis olan xasiyyət və adətlər bərqərarlıq səbəbilə təbiətdə qərar tutsa, elmü ədəb insana müşkül əsər eylər. Bəs buna görə, tarixi-islamiyyənin 1252-ci ilində bir müxtəsər kitab--ki, ibarat və mənada asan və aşikardır, "Nəsihət" adı ilə adlanmış olsun,--təlif etdim. Belə ki, minnətləri bağışlayan allahın mərhəmətinə ümid tuturam ki, onun faydası uşaqlara artıqraq olsun. Uşaqlara xitabdır: "Mənim əzizim, sən insansan. Allah-taala insanı aləmdə hamı şeydən yaxşıraq yaradıbdır. Görmürsən ki, heyvanlar o qədər güc və böyüklük ilə insanın əlində giriftardırlar?! Bu, ancaq işlərin tərzini bilmək səbəbindəndir. Bu insan tayfasının arasında dəxi hər kəs iş bilən və yaxşı işlidir, həmişə hörmətli olur. Bəs, yaxşı işləməyin və iş bilməyin tərzini öyrənmək lazımdır o adamlardan ki, yaxşı-yamanı təhqiq və təcrübə ilə məlum ediblər, onların sözləri bizdən ötrü nəsihətdir". Bundan sonra nəsihətlərin yazmağına şüru edir ki, cümləsinin buraya küncayişi yoxdur. Bu müqəddimədən möhtərəm oxucularımız görürlər ki, mərhum Qüdsi nə qədər alim və fazil bir şəxs imişsə də, yazısında sadəliyi və güşadəliyi qəliz və dolaşıq ibarələrə tərcih verirmiş. Böyük ədiblərin yazısı həmişə belə açıq və sadə olur. Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin asari-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus şüəra və ədiblərindən ən məşhurları--Puşkin, Nekrasov, Turgenev, Tolstoy və Çexov öz əsərlərini belə açıq, sadə və rəvan dildə yazıblar. Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir. "Kitabi-nəsihət"dən bir neçə nəsihətlər Əxlaqü adab və xəlayiqlə hüsni-müamilə və müaşirət etmək babında yazır: Hər kəsə ki, yetişdin, salam ver. Əgər sənə söz desə, ona ədəb və hörmət ilə cavab ver, ta hamı səni dost və əziz tutsun. Elə kimsələr ilə yoldaşlıq elə ki, böyüklər onlara yaxşı desinlər. Əclaf və hərzəgu adamlardan uzaq ol, ta sən dəxi onlar kimi olmayasan. Çün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdə müzayiqə eləmə, tainki özgələr dəxi ehtiyac vaxtında sənə kömək eləsinlər. Heç kəsin yamanlığını bir şəxsin yanında danışma, çünki o adam əgər dostdur, sənin haqqında bədgüman olar, əgər düşməndir, sənin dediyini o kəsə yetirər. Yalan deməkdən özünü saxla. Çün bir kimsənə bu xasiyyəti səndə bilsə, sənin doğru sözünə dəxi bavər etməz. Bir şəxs ki, gəlib özgənin eybini sənin yanında desə, ondan uzaq ol ki, sənin də eybini özgələrə deyər. Qəzəb vaxtı insanın halı pərişan olur. Özünü o halda hamı şeydən qırağa tut. Bir işi ki, eləmək istədin, qəzəbin sakit olandan sonra elə. Bikarlıqdan qorx ki, hamı eyiblərdən pisdir. Bunu bilməlisən ki, heç bir şey aləmdə bikar deyil. Hamı şeyi allah-taala öz aləminin nizamından ötrü səbəblər yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sən də onlardan birisən. Əgər bikar oturarsan, daş və palçıq səndən yaxşıraq olar, çünki onlar təmirat işlərinə gərəkdir. Elm və kəmalın təhsilini hamı işlərdən əzizraq say. Ondan ötrü ki, hamı şeylər onların vasitəsilə müyəssər olar. Şuxluğu və zarafatı özünə adət eləmə. Ondan ötrü ki, nəzərlərdə xəfif görünərsən; rişxənd səbəbi ilə özgələr səndən inciyərlər. Hətta ehtimal var ki, yamanlığa dəxi qəsd eləsinlər. Mübahisədə əgər bir kimsəyə qalib oldun, elə etmə ki, onun nadanlığı hazırda olanlara məlum olsun, tainki bu səbəbdən sənin ədavətin onun ürəyində məqam tutsun və o şəxs dəxi səndən intiqam almaqdan ötrü fürsət vaxtını gözləsin. Danışıq vaxtı göftügu fürsətini özgələrə ver. Ehtimal vardır ki, hiyləgər şəxs səhv edib müddəanın həqiqətini bəyan eləsin. Əgər sən çox danışsan, xətavü nöqsan sənin tərəfində olur. Çün bir müsibətə giriftar oldun, səbr elə və öz müsibətini xalqın yanında izhar eləmə ki, əgər düşməndirlər, sənin müsibətin onların təninə səbəb və qüvvətlərinin artıq olmağına bais olacaqdır və əgər biganədirlər, onların nəzərində həqir olmuş olarsan və əgər dostdurlar, onların qəmgin olmağına və sənin müsibətinin təzələnməyinə bais olur. Pakdamənliyi, yəni təmizxasiyyətliyi özünə adət elə. Hər kəsi ki, fəsad işlərə mürtəkib olar, onun dini və həyası gedər və xalq içində tez biabru və rüsvay olar. Nə qədər ki, yaxşılıq ehtimalı var, özgələri yamanlığa həml eləmə. Bəlkə o yaxşı işdir, ancaq sən onun məsləhətini bilmirsən. O şey ki, özünə görə yaman sayırsan, özgənin haqqında rəva görmə, tainki onun cəzası özgədən sənə qayıtmasın. Heç bir kəsin zərərinə razı olma. Alış-verişdə pakhesab ol. Əmanətə xəyanət eləmə, tainki allah-taalanın qəzəbinə gəlməyəsən və xəlayiqin mərdudu olmayasan. Öz qonşularının və həmşəhər adamlarının yaxşılığına çalış, ta onlar da sənin ilə həmin şivədə rəftar və müraat eləsinlər. Sən bir nəfərsən, onlar çoxdur. Bir nəfərin ehtiyacı çoxa olmaq aşikardır. Bir kəsin ədavətinə ürəyində yer vermə ki, sənin dininin və ürəyinin rahatlığını bərhəm edər. Yaman işi ki, edərsən, onun faydası səndən ötrü qalmaz, amma onun günahı və bədnamlığı sənə baqi qalar. Yaxşı əməldən iki dəfə ləzzət apararsan. Birisini o işi edən vaxtda, birisini də o işin səmərəsi sənə yetişən zamanda. Çün hamı şey üçün aləmdə zail olmaq ehtimalı vardır, özünü heç zada elə bağlama ki, məbada bir gün o şey zaval tapsa, sənin zindəganlığın müşkül olsun. Fəqirlikdən və bədbəxtlikdən şikayət eləmə ki, aləmdə səndən fəqir və biçarəraq çox vardır. Onlar əgər sənin halında olsa idilər, çox şadlıq edərdilər. Bədbəxt o şəxsdir ki, bir kəsin haqqında yaxşılıq etmək fürsəti olduqda, etmir. Bavücudi-in ki, insan üçün şükr eləmək vacibdir ki, o özü kimi bir adama vəliyyün-nemə olubdur. Burada bu qədər yazılana iktifa etdik. Cümləsi gözəl nəsihətlərdir ki, onları dərguş edənlər bəxtiyar kimsələrdir. Mümaileyhin yazdığı nəsihətlər bir-birinə bağlıdır və yek-digərini şərhü bəyan edir. Və lakin biz burada yazdığımız insanın müxtəlif halü xasiyyətlərinə və xəlayiqlə hüsni-müaşirətinə şamil olanlardır. Bilmək gərəkdir, mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxi şairə imiş. Aşağıda yazılan şer onun kəlamındandır: Tuğra xanımam, aləm ara çünki əzizəm, Abasqulu ağa qızı, Zəhrayə kənizəm. * * * Aşıq Əli Kəlibəri Qaracadağlı Aşıq Əlinin bir neçə kəlamından--ki, Mirzə Yusif Qarabağinin tərtib etdiyi məcmuədə dərc olunmuşdur,--belə məlum olur ki, onun çəndan elm və savadı yox imiş və ona şair deyilməyib aşıq deyilməyi bu qövlümüzə şahiddir. Aşıq Əli Molla Pənah Vaqifin müasiri olduğu Vaqifin mədhində yazdığı kəlamdan anlaşıldı. Mürəbbeatlarının bəzində lətafət var isə də, qüsur və rəkakətindən xali deyil. Məsələn, mürəbbeatından birisini bu sayaq başlayır: Nə saətdə gəldim dünya evinə, Şum sitarə, bəxti bağlı olmuşam. Taleim bəd, günüm qara, cəfakeş, Hicran evli, dərd otaqlı olmuşam. Burada "şum sitarə", "bəxti bağlı", "hicran evli", "dərd otaqlı" kimi qafiyələrin nə vəznində və nə üslubunda bir yaraşıqlıq və sazişlik var və nə də sözlərin mənasında bir lətafət və zərafət…. Bunlar əslən şair sözlərinə bənzəmir, bəlkə Qurdoğlu sözlərinə oxşayır. Bu kəlamın az-çox yenə axırkı bəndi xoşayənddir: Əliyəm, çox çəkdim dərdü bəladən, Qəm əl götürmədi mən mübtələdən, Aləmi-ərvahdə qalü bəladən Xun cigərli Qaradağlı olmuşam. Aşıq Əlinin qəzəllərindən ən mərğubu aşağıda yazılan qəzəli-müstəzaddır: Ey sərvi-səhi, sən gələli seyr ilə bağə, Baş çəkmədi ər-ər, Çox alinəsəblər özünü saldı ayağə, Qul oldu sənubər. Bir xalın üçün zülfünə çoxlar dolaşıbdır, Ancaq məni bilmə. Bir danə üçün çox quş özün saldı duzağə, Dam oldu müsəxxər. Sünbül özünü zülfünə bənzətdi, nigarım, Gördü ki, xətadır. Dağlarda tapar yüzü qarabaşı aşağə, Qayğılı, mükəddər. Sən tək pərinin mənzili viranə gərəkdir Ya çeşmələr üstü, Könlüm kimi viranə, gözüm kimi bulağə Gəl, ey pəripeykər! Dünyada əgər Əli özü ağlıya getsə, Zülfün həvəsindən, Rəhmət yağışı torpağının üstünə yağə, Qəbri ola ənvər. Bundan əlavə Molla Pənah Vaqifin mədhində yazdığı qafiyələrdir ki, bu sayaq başlanır: Bu gövhər sözlərin, ey alicənab, Tamam aşiqlərin səminə gəlmiş…. i.a. Molla Pənah Vaqifin tərcümeyi-halına müraciət etməli. * * * Aşıq Lənbərani Bəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər: Cismindimi, bilməm, görünür pirəhən içrə, Ya ruhi-rəvandır dolanır bu bədən içrə? Kuyində yüz il zülfə əsir olsam usanmam, Əzbəs ki, qara gün mənə xoşdur vətən içrə. Bir şeri-nəməkriz ilə ağzından öpərdim, Gizlin gedə bilsəydim əgərçi süxən içrə. Mücganların içrə sənin ol çeşmi-siyahın Bir nərgisi-tərdir ki, bitibdir tikən içrə. Asəf güli-ruxsarını görmüşmü nigarın, Qönçə dəhəni açıla qalmış çəmən içrə? Bu qəzəldə "bir şeri-nəməkriz ilə" i. a. beytin məalını, yəqin ki, Asəf Lənbərani samanilər əsrində zindəganlıq edən məşhur "Əmmar" təxəllüslü şairin kəlamından iqtibas etmişdir. Əmmarın söz arasında gizlənib də yarın ləbindən busə almaq barəsində yazdığı şer budur: Əndər ğəzəle-xiş nehan xahəm gəşt, Ta bər ləbe-to buse zənəm çon to bexani. Asəf Lənbəraninin fövqdə dərc olunan kəlamından başqa bir neçə qəzəllər və bir müxəmməs Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" nam təzkirəsində zikr olunmuşdur. Vəli onların çəndan əhəmiyyəti olmadığı üçün təkrarən burada yazılmağı lazım görülmədi. * * * Aşıq Pəri Aşıq Pəri öz müasirləri beynində ən istəkli, əzizə və möhtərəmə bir övrət imiş. Onun vətəni-əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin, Kərbəlayı Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd bəy "Aşiq" təxəllüsün, Cəfərqulu xan "Nəva" təxəllüsün müasiri imiş. İbtidayi-təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyətdən şer və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şerlər deyərmiş. Zəmani ki, onun namü şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pəri Maralyandan köçüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şüəra və əyani-dövlət arasında daha da çoxalır, hər bir əhli-təb onun şənində gözəl şerlər yazıb izhari-məhəbbət edərlərmiş; bir halda ki, şairə özü də əhli-hal, sahibcəmal, xoşməqal, işvəli bir nazənin imiş. Onun hüsni-cəmalını tərif edən şairlərdən birisi də Əsəd bəy Vəzirov imiş ki, haqqında bu şerləri yazmışdır: O gündən ki, didarını görmüşəm, Həsrətindən yanar cismü can, Pəri! Dolanıb başına səri-zülfündə Könül mürği tutub aşiyan, Pəri! İştiyaqın çəkər neçə kimsənə, Amma heç birisi bənzəməz mənə. Canü dildən mübtəlayam mən sənə, İnanmırsan, eylə imtahan, Pəri! Arizindir günəş, camalındır ay, Heç nazənin ola bilməz sənə tay! Qəmzən qatil, kipriyin ox, qaşın yay, Qamətindir sərvi-xuraman, Pəri! Nə qədər var idi canda ixtiyar, Bir xatirə səndən dolandım kənar, Axır gizlin dərdim qıldım aşikar, Qoy bilsə də, bilsin Mirzəcan, Pəri! Gəl gör fərağında mən natəvanam, Əfsürdəxatirəm, şikəstəcanam, Əsəd deyər sənə bəndə fərmanam, Sənsən mənə sultan, Pəri, xan, Pəri! Mirzə Həsən "Mirzə" təxəllüs,--necə ki, sabiqdə zikr olundu,--Aşıq Pərinin gözəlliyini bu günə tərif etmişdir: Qönçə lətafətli, lalə üzlüsən, Məstanə baxışlı, xumar gözlüsən, Şirin hərəkətli, şəkər sözlüsən, Yoxdur yer üzündə misalın sənin. Və yenə onun vəsfində Mirzə yazmışdır: Etdikcə vəsfini Mirzə mükərrər, Tazələnib ruhum olur müəttər, Gülüstanda zülfün kimi müənbər Nə süsənlər, nə sünbüllər oynaşır. Bu şairlərdən qeyri Aşıq Pərinin hüsnü cəmalını və əqlü kəmalını vəsf qılanlar çoxdur. Onlardan məşhuru Məhəmməd bəy "Aşiq" təxəllüsdür. Atidə onun şərhi-halı zikr olunacaqdır. Aşıq Pərinin mütəəddid şerləri pərişan övraqda yazılmış və bizim əlimizə düşənlərində çox səhv və qələtlər vardır ki, onları təshih etmək dəxi bir növ müşküldür. Xususən onun bağlamaları və bəzi mürəbbeatı ki, Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır və bir bisavad mollanın vasitəsilə bizə göndərilibdir, elə imlasız və dolaşıq xətt ilə təhrir olunubdur ki, onları məzkur mollanın özündən başqa bir kəs düz oxuyub məna çıxarda bilməz. Ona binaən burada ancaq onun müasirlərindən bəzilərinə yazdığı məktubatı zikr etməklə iktifa elədik. Mirzə Həsən "Mirzə" təxəllüsə cavabi-namə olaraq yazmışdır: Katiblərin şahı, dəftər içində Qələm ilə nazik əllər oynaşır. Fitnəli, fellisən, nazlı, qəmzəli, Dəhanında şirin dillər oynaşır. Eşqin əlindən gedərəm mən dada, Dərdim olur günü-gündən ziyada, Şiveyi-rəftarın düşəndə yada Bağrımın başında millər oynaşır. Dad eylərəm: haray naşı əlindən, Yandı cigər eşq atəşi əlindən, Mən nə deyim gözüm yaşı əlindən, Üzüşür sonalar, göllər oynaşır. Adam var dolanır məkrin içində, Adam var dolanır zikrin içində, Sənin kəmalın da fikrin içində Əcayib, qərayib hallar oynaşır. Pəriyəm, xəlqara olmuşam bacı, Kimsənii kimsəyə nə ehtiyacı, Bəlxü Buxaranın, Hindin xəracı Zənəxdanda siyəh xallar oynaşır. General Mirzəcan bəy Mədədovun vəfatı Aşıq Pəriyə ziyadəsilə təsir eləyir və bu şerləri dünyaya xitabən Mirzəcanın vəfatı babında inşa qılır: Dünya, sənin etibarın yox imiş, Bir xəbər ver, Mirzəcanı neylədin? Neçə bəylər ilə, neçə xan ilə Göftarı xoş, əhli-canı neylədin? Neçə şəhər üstə cəng edib səvaş, Cari olub sel yerinə qanlı yaş, Fələk, etdin tacü təxtini tarac, Nökar, nayib, xanimanı neylədin? Puç dünya, səndə bir yaranan hanı? Günbəgün artırdın şövkətu şanı. Tiflisin sağ əli, sərdarın canı, Viran qoyub Dağıstanı, neylədin? O fələkdir dügün yeri dağlayan, Əzəl şad eləyib sonra ağlayan, Sinəsindən şerü kitab bağlayan Sahibi-huş, gövhər kanı neylədin? * * * Ağaməsih Şirvani Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur. Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur. Müəşşəri-Ağaməsih Şirvani: Ey türfə nigari-mahruxsar, Ey huriliqa, firiştəkirdar, Bu hüsn ilə olmamışkən izhar, Oldun məni-dilşikəstəyə yar. Bilmən necə hiylə qıldı əğyar, Sonra səni məndən etdi bizar. Bəs indi sözüm budur ki, təkrar Bir ad ilə et məni günəhkar. Al dəstinə tiğ, durma, zinhar, Öldür məni, olsun əllərin var! Ey hüsni-cəmali mahparə, Əhvalıma qılma sən nəzarə. Yar oldu rəqib sən nigarə, Oldun mənə yağı varə-varə. Salsan məni ahi-pürşərarə, Yox məndə rizadən özgə çarə. Rəhm etsən əgər məni-fikarə, Salmaz məni qəm bu ruzigarə. Xəlvət özünü çəkib kənarə, Bir könlünə eylə istixarə. Təqsirimi söylə aşikarə, Öldür məni, olsun əllərin var! Ey rəngi-üzari şöleyi-nur, Qılmana misal, nisbəti-hur, Bir şux ki, oldu hüsnə məğrur,-- Çox olmaz onun ədası mənzur. Gəl, sən dəxi qılma fitnəvü şur, Etmə özünü bu tövr məşhur. Ta vəsldən eylədin məni dur, Ancaq ki, budur dilimdə məzkur, Üftadeyi-eşqə eyləmə zur, Qoyma məni dərd evində rəncur. Xublərdə əgər bu isə dəstur, Öldür məni, olsun əllərin var! Ey şah, dərində bir gədayəm, Yad etmə məni ki, aşinayəm. Kuyində əgərçi xaki-payəm, Bil qədrimi, eyni-kimyayəm. Əfsaneyi-dərdi-bidəvayəm, Hərçənd ki, eşqə mübtəlayəm, Sərkəşteyi-möhnətü bəlayəm, Əhvalı şikəstə, binəvayəm, Sirrini desəm üzü qarayəm, Baş ilə ayağına fədayəm, Bu məsləhətə ki, mən rizayəm: Öldür məni, olsun əllərin var! Ey qətlimə eyləyən iradət, Məqsudinə yet səhih-səlamət! Açılsa əgər bu babi-rəhmət-- Kim, hasil olur mənə bəşarət, Qalmam məni-namurad rahət, Daha haçan eylərəm şikayət? Səndən bunu istərəm nəhayət, İqrarına olma bidəyanət. Can məndə səninkidir əmanət, Al, sonra ki, çəkməyim xəcalət. Düşməz ələ daxi böylə fürsət: Öldür məni, olsun əllərin var! Ey gül, desələr Məsihə qafil, Bir özgə nigarə oldu mail, Təhqiq elə kim, dolansa yüz il, Səndən dəxi qeyrə verməzəm dil. Ərzim bu ki, eyləmə təğafil, Bir ğövrə yetiş, günahımı bil, Cəm et neçə əhli-hali-aqil, Onlardan həqiqət eylə hasil. Gər şər həmin budur müqabil, Mən həm oluram bu əmrə qail. Gördün iki şahid oldu adil, Öldür məni, olsun əllərin var! Müxəmməsi-müstəzadi-naqisi-Ağaməsih: Ey şux, ruxun gün kimi əşyayə mücəlla, Üşşaqə təmaşayi-cəmalın fərəhəfza, Mənadə rümuzi-dəhənin elmi-müəmma, Sən kimi tapılmaz büti-ziba sənəm əsla, Hər zib sənə süni-xuda birlə mühəyya, Daxi nə bəzənmək?! Məşşatə nə lazım sənə, ey afəti-dövran-- Kim, eyləmisən ayinəni hüsnünə heyran? Nazik üzünə ğazə nikah etsə, düşər qan, Təpsin gözünə sürməsini əhli-Sifahan, Çeşmi-siyəhin kim, ala hər işvədə yüz can, Daxi nə bəzənmək?! Bəzm içrə yüzündən götürən dəmdə niqabın, Qanını ləbin şişəyə tutdu meyi-nabın, Başına həva gəldi qədəhlərdə hübabın. Bitab düşüb saqi, nə mümkün verə tabın? Yıxdın evini mən kimi min xanəxərabın, Daxi nə bəzənmək?! Basanda qədəm naz ilə seyr etməyə bağə, Ruyin gülü səhrayə qovub, laləni dağə, Gər bərki-həna düşsə, əcəb yox, əl-əyağə, Şayəstə deyil al vərəq al yənağə, Gündüz günə bənzər, gecə məhtabü çirağə, Daxi nə bəzənmək?! Ey qaməti sərvü ləbi qönçə, ruxi lalə, Göz mərdüməki məhv ruxunda xətü xalə, Zülfi-siyəhin mahi-ruxun dövrünə halə, Peyvəstə qaşın göydə urar tənə hilalə. Kim görsə deyər səlli-əla beylə cəmalə, Daxi nə bəzənmək?! Ey tazə lətafət çəməni içrə güli-tər, Olmaz bu nəzakət belə bir şuxə müyəssər, Təbdili-libas etsə, deyil mən sərasər, Bilütfdürür qeyri-vəfakar mükərrər, Nəqqaşi-qəza kim, sənə vermiş belə zivər, Daxi nə bəzənmək?! Lütfündə Məsiha dilər asarü məqalat, Ol Xızr kimi abi-dil ilə rəhi-zülmat, Səndən aparır feyz bədəni-mürdeyi-mirat, Heyhat! Bu növ ilə nəzirin ola, heyhat! Məhtab kimi aləmə məqbulluğun isbat, Daxi nə bəzənmək?! Ağaməsihin burada zikr olunan hər iki kəlamı onun təbinin mövzun və güşadə olmağına dəlalət eləyir. Bəzi əbyatı hüsnü lətafətdə Molla Pənah Vaqifin kəlamına bərabərdir ki, gözəl mədhində onun yazdığı kəlam yuxarıda zikr olundu. Ağaməsih dəxi bir kəlamında Vaqif kimi həqiqi gözəlliyin nişan və əlamətlərini bir-bir zikr edib, zahiri gözəllik və məlahətlə bərabər, gözəlin əslü nəsəbini dəxi mülahizə edib, onları əvvəlinci şərtlərdən hesab eləyir: Əvvəla şəkk olmaya zati-əbavü cəddinə, Deməyə bir kimsə hərfi-namünasib rəddinə, Yetmiş ondördgecəlik ay tək büluğ həddinə, Çün şəbi-yelda qəra saçı bərabər qəddinə, Həm mübarək başı misli-qübbeyi-mina gərək. Özgə bir müxəmməsində Ağaməsih əhli zəmanədən şikayət edib deyir: Dila, etmə təvəqqe, rastguluq qanda qalmışdır, Qərinə özgədir, bunlar keçən dövranda qalmışdır, Nəməkdə qədrü qiymət, nə kəramət nanda qalmışdır, Bəla çəkməkliyə nə tabü taqət canda qalmışdır, Nə asari-şəfa bimar üçün dərmanda qalmışdır. Olubdur qəlb xain, həq bilir bir paktinət yox, Düşəndə satmayan dünyada dinin hiç millət yox, Zükur əqsamının təbində əsla doğru beyət yox, Ünas əhlində bir zərrə hicabü şərmü ismət yox, Təriqi-adəmiyyət yolda, nə ərkanda qalmışdır. Havalı kimsələr bəhri-həramə misli-yelkəndir, Nə yan olsa, çəkər məllahı, nəfsin kəştisi təndir, Dolanır qəhrü zülmə sahili-insafdən gendir, Nə fərq edən həlalı dari-dünyadə müəyyəndir, Nə xövfi-axirət xəlq içrə nahəq qanda qalmışdır. Tutan, məlum, yox şəri-rəsuli, əmri-allahi, Rəiyyətlər qılır dəstgah hər beş gündə bir şahi, Cələbdir şiveyi-ülfət, bu rəmzin kimdir agahi, Sədaq oxu kimi gəctəblər almış nəzərgahi, Olar kim, doğrudur əyri qılıc tək yanda qılmışdır. Məsiha, kəs təəllüq bu cahandan kim, xəsarət var, Nə təsiri-dua zahir, ərənlərdə nə himmət var, Nə alimlərdə şəriyyət, nə bəylərdə ədalət var, Nə bir doğru sözü xəlqin, nə bir kəsdə dəyanət var, Həqiqət aşinadə, nə vəfa yaranda qalmışdır. Ağaməsihin bu müxəmməsində müasiri Vaqif kimi öz zamanının xalqından, onların düruğgu, nəməkhəram, qədrbilməz, bivəfa və bidəyanət olmaqlarından şikayət edib, dünyada düzlük və doğruluğun nabud olmağından fəryad eləyir və ziyadə təəssüflə haram ilə halalın mabeynində təfavüt qoyulmadığını, şərmü həyanın və dini-islamın unudulmağını və axirət xövfü xalqın qəlbindən çıxmağını, insaf və mürüvvətin ədəmini izhar edib, öz-özünə xitabən deyir: Məsiha, bu cahandan və onun əhlü naəhlindən əlaqəni kəs; bir yerdə ki, duada təsir, ərənlərdə himmət və qeyrət, alimlərdə zöhdü təqva, bəylərdə ədalət, dostlarda sədaqət qalmaya və doğru yerinə əyri işlənə, daha orada nə xeyir və bərəkət və nə zindəkanlıq?!… Bu səbəblərə görə şair vaxtının çoxunu qürbətdə keçirib və axırda qürbətdə dəxi canını can yaradana təslim etmişdir. * * * Asəf Şirvani Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır. Qəzəli-Asəf Şirvani: Bilmən ərəqmidir rüxi-alında saqinin -- Ya didələrmi qaldı yanağında saqinin? Sağər ki, duş saqini qılmışdı bidəmağ, Ağlar gəzər müdam sorağında saqinin. Dövranda ləhzə-ləhzə qızıl qanlar udduğum -- Olmuş əyan əlində, bucağında. saqinin. Tən böylədirmi, yoxsa həlakım zəmanədə Qanlar[mı] kəf götürmüş ayağında saqinin. Başına küllər olsun o pərvanənin, əgər Yanmaqdan əl götürsə çirağında saqinin. Mey nəşəsilə sanma ki, Asəf fitadədir, Dövran həlakı olmuş otağında saqinin. Yenə qəzəli-Asəf Şirvani: Sövdayi-zülfi-yarə, könül, qılma çox həvəs -- Kim, sübh olunca hər gecə bidar olur əsəs. Bülbüldə olsa suzi-cəmalın şərarəsi, Hər naləsindən od tutar əşcaru xarü xəs. Vir zəhrdir sözün ki, acıtmaz dimağımı, Bir şəhddir qəmin, qona bilməz ona məgəs. Hicrində dad qılsam əgər tez tapar qəmin, Əzbəs ki, yox qəmin kimi bir mərdi-dadrəs. Giryan göz ilə sineyi-əfkarə ğaneyiz, Bəsdir bizə fəzayi-Muğan, Dəcləvü Ərəs. Rehlət səbahidir, nə yatıbsan, dur, ey rəfiq, Yükləndi, getdi qafilə, fəryad edər cərəs. Bir xuşə tuşə eylə bu xərmən kənaridən Nagah mürği-fürsət uçub sınmamış qəfəs. Asəf qəmində üz döşəyib xaki-heyrətə, Qalmış həzinü bidilü bitabü binəfəs. * * * Ağaismayıl Zəbih Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir. Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir. Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş. Türk və fars dillərində müxtəlif şer və qəzəlləri vardır. Bundan əlavə Zəbih ziyadə xoşnəvis imiş. Farsca divanı vardır, heyfa ki, ələ keçmədi. Məktəbdar Mirzə Sadıq "Fani" təxəllüslə Zəbihin arasında irsal-mərsul və təatiyi-əfkar vüqua gəlirmiş. Өz nəvəsi Xəlili təlim və tərbiyə üçün ilk dəfə məktəbə göndərdiyi vaxt Mirzə Sadığa yazdığı "Tövsiyənamə"dən bir-iki beyti əhibbalarının xatirində qalıbdır ki, burada zikr olunur: Ey ke, mərdom yad girəd əz to təlime-ədəb, Vey ze əsrare-məani, vaqef əz aslo nəsəb. Gər bovəd əz fəzlo elmət bər Xəlile-mən nəsib, Nar bər vey nur gərdəd çon toi ərbabe-rəb. Və yenə Mirzə Sadıq Faniyə cavabən yazdığı farsül-ibarə bir kəlamından ancaq üç beyt ələ düşdü ki, onda qocalıqdan şikayət olunur: Barilaha, kəs məbada dər cəhan başəd əlil, Hər ke, şod piro əlil, an gəh şəvəd xaro zəlil. Ab çon besyar manəd dər qədəh, gərdəd kəsif, Mərd çon besyan xəsbəd lacərəm gərdəd kəsil. Noktegirira məkon dər şere-mən dər qafiye, Əz qəvafiye-to inca nist coz ləfze-əmil. Və yenə Mirzə Sadıq "Fani" təxəllüs onun mədhində yazdığı bir kağıza cavabən bu beytləri yazmışdır: Xaleqol-əşar mixani məra dər selke-nəzm, Şaere-xoştəbra həstəm mənəş əbde-zəlil. Ruzo şəb duri həmicuyəm əz in darol-ədəm, Reştei bər gərdənəm əfkənde Musavo Xəlil[1]. [1]- Musa və Xəlil — hər ikisi şairin nəvələridir. Ağa[ismayıl] Zəbihin hər qisim şerü kəlamları çox isə də, heyfa ki, ələ düşənləri az oldu. Onlardan bir neçəsi burada təb olunur. Müxəmməsi-Zəbih: Bilmirəm bais nədir, qəlbim də seyran istəməz, Könlümü tutmuş qübari-qəm, gülüstan istəməz, Seyri-gülgəştü səfayi-bağü bostan istəməz, Bərbətü rudü sürudi-ləhni-xoşxan istəməz, Mərğzari-laləvü nəsrinü reyhan istəməz. Bəzi əşxası görürsən qəddi manəndi-ələm, Zənn edirsən bu vəfa rahındadır sabitqədəm, Yaxşıraqdır belə əşxasın vücudundan ədəm, Hiyləvü məkr ilə daim dildə sövgəndü qəsəm, Hər qəsəm ki, yad edər, guya ki, üsyan istəməz. Neçə kəslər var, müsəlmandır deyirlər adına, Şeytənət fikrindən özgə şey düşməz yadına, Çox kəsin baisdir onlar fitnəvü əfsadına, Görgəc iblis onları söylər tamam övladına: Getməyin bu şəhrə kim, bu şəhr şeytan istəməz. Bəzi kəs inkar edər qanuni-şəri ruzü şəb, Bu şəriətdan qılar qanuni-rusi müntəxəb, Etmədi inkar həqqi-Mustafa cüz Buləhəb, Getməzəm şərə — sölərdi ol himari-biədəb, Bizlərə şər nə lazım kim, bu, divan istəməz. Qalmayıb bir zərrə bu deyri-fənadə rəğbətim, Az-çox var idi bu xəlq içrə şanü şövkətim, Getdi əldən, günbəgün artar məlalü möhnətim, İşrətü nazü nəimə qalmayıbdır ülfətim, Şövkətü şanü cəlalü hökm divan istəməz. Bu fələk gör kim, nə rüsvayi-cahan etmiş məni, Acizü piri-əlilü natəvan etmiş məni, Yoxsa bilməm çərxi-gərdun imtahan etmiş məni, Bivəfa kəslər ilə çün həminan etmiş məni, Sərfəraz etmək məni bu çərxi-dəvran istəməz. Görmədim bu ruzigar əhlində bir sidqü səfa, Gördüm onları tamamən bidəyanət, bivəfa, Bir yalan sözdür adın qoymuş rəfiqü aşina, Yox Əli, ali-Əlidən qeyri özgə rəhnüma, Өzgə bir ümmid ya bir özgə canan istəməz. Etmə, ya rəb, həşrimi məhşər günü əğyar ilən, İmtahan etmə Zəbihi-binəvanı nar ilən, Həşrimi qıl ərseyi-məhşərdə həştü çar ilən, Ol şəfii-ruzi-məhşər heydəri-kərrar ilən, Gər ola yüz min mürid, mürşidü səlman, istəməz. İstədim kuyi-vəfadə Qeys ya Fərhad olam, Qoymadı bu çərxi-gərdun bir zaman dilşad olam, Qeyrəti-xəsmi-əduyə gaveyi-həddad olam, İstəməzdim bivəfalıq rəsminə mötad olam, Əyləşən kəs zövrəqə, əlbəttə, tufan istəməz. Ağaismayıl Zəbih bu müxəmməsində Molla Pənah Vaqif kimi öz əsərində yaşayan adamların rəzil əxlaqından və çirkin övsafından söz açıb onların bivəfa və biar, biqeyrət, mühil və yalançı olmaqlarını, haqqı inkar edib, dini-mübini-Mustafadan uzaq düşməklərini, rus zakonunu şəriət qanununa tərcih etməkləriini, dostluğun əvvəlinci şərti məqamında olan sidqü dəyanətdən bibəhrə olmaqlarını gözəl və mövzun şerlər vasitəsilə bir-bir zikr qılır, əhli-zəmanədən üz çöndərir və Əliyyül-Mürtəzaya və onun evladına pənah aparıb həşr günündə onlardan kömək diləyir. Zəbihin bu kəlamında olan bir bənd "Molla Nəsrəddin" curnalında sabiqdə çap olunmuş "Cəhənnəm məktubu"nu yada salır ki, şeytan zəmanə adamlarından şikayət edib deyir: "Nahaq yerə məni müttəhim edib hər məqamü məkanda mənə lənət oxuyursunuz. Neçə vaxt idi ki, mən Firəngistana getmişdim və mənim vücudum burada olmadığı halda Adəm atanın övladı o qədər fəsad və şərarət törətdi ki, o qədər görülməmiş işlər tutdu ki, onlar mənim heç xəyalımdan da keçməzdi". Sonradan şeytan Adəm atanın övladı tutduğu fəsad əməlləri bir-bir zikr edib deyir: "Өzünüz insaf edib söyləyin, bu işlər mənim əməlimdir, yoxsa sizin öz işlərinizdir?" Zəbih dəxi öz şəhərinin əhlindən şikayət edib deyir: Adlarını müsəlman qoyan neçə kəslər vardır ki, şeytənətdən başqa bir fikir və peşələri yoxdur. Onların xəyalı və tamam səyləri ancaq adamların arasında fitnəvü fəsad salmaqdır. Belə adamları iblis gördükdə öz balalarına deyir: Balalarım, daha siz bu şəhərə getməyin, buranın əhli şeytan istəməz. Bunlar özü hər qisim fəsad və şərarət törətməkdə bibədəl və mahirdirlər…." Necə ki, Zəbih deyir: Neçə kəslər var, müsəlmandır deyirlər adına, Şeytənət fikrindən özgə şey düşməz yadına, Çox kəsin baisdir onlar fitnəvü əfsadına, Görgəc iblis onları söylər tamam övladına: Getməyin bu şəhrə kim, bu şəhr şeytan istəməz. Bizim elmü mərifətdən bibəhrə olan əhlin şeytandan artıq fitnəkar, şərir və fasid olmağını binəzir şairimiz Abbas ağa Qaibov "Nazir" təxəllüs təzə yazdığı "Molla və şeytan" ünvanlı hekayəsində gözəl vəch ilə bəyan edibdir. Bu hekayənin barəsində öz məqamında danışılacaqdır. Cənab Zəbihin yuxarıda yazılan müxəmməsindən onun müqtədir və xoştəb azərbaycanlı bir şair olduğu görünür. Onun aşağıda dərc olunan kəlamı bu qövlümüzün doğruluğuna şəhadət verə bilər. Kəlami-Zəbih: Mənim bu pir olan könlüm cahanda bir cavan istər, İçib məst olmağa hər dəm şərabi-ərğəvan istər. Gəhi eylər təkəllüm iddiasın bəzmi-ürfanda, Gəhi rəzm etməyə Rüstəmsifət tirü kaman istər. Gəhi xaki-məzəllətdə tutar Mənsur tək aram, Gəhi Keyxosrovü Cəmşid tək təxti-Kəyan istər. Gəhi azürdəvü dərviş İbrahimi-Ədhəm tək, Gəhi cahü cəlali-Ərdəşiri-Babəkan istər. Məqami-həqqi tapmaqda olur gah Nasiri-Xosrov, Gəhi ol Xosrovi-Pərviz tək mülki-cahan istər. Gəhi azərpərəstü gah qibti, gəh müsəlmani, Gəhi bərzəx, gəhi duzəx, gəhi hurü cinan istər. Gəhi süflitələb qəri-zəmində gavü mahi tək, Gəhi ülvitələb seyri-səfayi-asiman istər. Gəhi Bəhluli-divanə, gəhi Mollayi-Nəsrəddin, Gəhi Buzərcmehrü şövkəti-Nuşirəvan istər. Gəhi Sədiyü Hafiz, gəh Füzuli, gah Xaqani, Gəhi Bağdad, gəh Şiraz, gahi İsfəhan istər. Gəhi Mollayi-Rumi, gəh Nizami, gah Firdovsi, Gəhi Rumi, gəhi İran, gəhi Hindustan istər. Gəhi dərsi-səbəqdə əcz edər şagirdi-məktəb tək, Gəhi inşasına şagirdi-Mirzə Mehdi xan istər. Mənə tən etmə, ey zahid, sənin zöhdün riyaidir. Əgər zikr eyləyəm vəsfin sənin, bir dastan istər. Bəsa zahidləri gördüm sənin tək səy edər, amma Rəhi-təhqiqi tapmaqda ona çox imtahan istər. Xərabət əhlinin eşqini bilməz zahidü müfti, Ona eşqin yolun göstərməyə piri-muğan istər. Deyil vaqif rümuzi-eşqə şeyxi-şəhrlə vaiz, Olar gahi ələf çeynər, gəhi arpa-saman istər. Vücudi-vəhdəti bilməz nifasü heyz mollasi, Ona burhani-qate pənbədə bir qətrə qan istər. Təriqətdən sual etsək nəcasət fəslini söylər, Həqiqət kəlməsindən lal olur, guya zəban istər. Təriqi-həqqi tanmaq, istəməz maziyü müstəqbəl, Nə nəhvü sərf, məntiq, nə bəyan ilə məan istər. Məcaz əhli həqiqət rahini tapmaqda bimürşid, Skəndərvar olur aciz, dəlili-karvan istər. Zəbiha, ruzi-məhşərdə nədir üsyanına fikrin, Nəzər lütf ilə gər qılsa əmiri-möminan istər. Bu şərhin qilü qalından qübari-qəm tutub könlüm, Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər. Mərhum Zəbihin bu kəlamı mövzun və pürməzmun kəlamlardan birisidir. Burada şair müasiri Nəbati kimi, Şəms Təbrizi əleyhirrəhməyə təqlid və təbəiyyət izhar edərək könlünün müxtəlif hallarını və onda vaxtbəvaxt vüqua gələn arzu və təmənnaları şərh qılır. Zəbih gəhi xaki-məzəllətdə Mənsur tək aramyab olur və gahi Keyxosrov və Cəmşid tək təxtü taci-Kəyan tələb edir; gahi dərvişsifət azadəlik xahiş eləyir və gahi Ərdəşir Babəkan kimi cahü calal şövqünə düşür; gəh azəri, gəh qibti və gəh müsəlman olmaq fikrinə düşür; gəhi yerin altında zəm olunan qızıl öküzdən və zorba balıqdan söz açıb seyri-səfayi-asiman tələb edir; gəh bərzəxi və kahi də behişti-bərində hur, cinan təmənnalarına düşür və habelə şairin meylü könlü min cürə müxtəlif halətlərə düşüb cənnət və cəhənnəm misallı bir-birinə zidd, bərəks şeylər və təmənnalar arzu eləyir. Bu qisim rəngarəng halətlər ancaq həqiqi şair misilli qeyri-adi və ziyadə əsaslı vücudların təbiət va məzaclarında müşahidə oluna bilər. Zəbih öz hali-dilini və müxtəlif təmənnalarını zikr etdikdən sonra zahidi-zahirpərəstin vəsfi-halına şüru edib deyir: Ey zahid, mənə tən etmə, sənin zöhdün həqiqi deyil, riyaidir. Siz zahidlər rümuzi-eşqə vaqif deyilsiniz, xərabət əhlinin eşqini zahirpərəst müfti və vaiz bilə bilməz. Bu yolu göstərmək üçün piri-muran lazımdır. Əgər sizdən təriqət məsələsindən sual olunsa, nəcasət fəslini söylərsiniz və həqiqət kəlməsinin mənasını dərk etməklə əcz göstərib, lal olub qalarsınız. Zira bu kəlməni şərhü bəyan etməyə başqa fəsahət və təlaqəti-lisan gərəkdir. O da ki, siz firqədə yoxdur. Bu kəlamın axırkı beytində şair Azərbaycan vilayətini təmənna edib, sakin olduğu şəhərin qilü qalından şikayət edir: Bu şəhrin qilü qalından qübari-qəm tutub könlüm, Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər. Burada Zəbih şikayət elədiyi şəhər yəqin ki, Gəncə şəhəridir. Aşağıda yazılan müxəmməsi-müstəzadında əgərçi şair bir növ Gəncəni başdan tərif və tövsif qılır, vəli onun əhalisinin eybü qüsuruna dəxi pərdə çəkmir, onları da nazik işarələr ilə göstərir və bundan masəva əsil Azərbaycan ki, Zəbihin könül quşu uçub onun tərəfinə meyil edir, qədim əsrdən İran dövlətinə tabe vəsi bir vilayətdir ki, onun mərkəzi Təbriz şəhəridir. Hər halda şair uzun müddət sakin olduğu şəhər əhlindən rəncidə və dilgir olub, başqa bir məhələ köçməyi arzu edir. Bu məhəl vətəni-məlufu Gəncədirmi, yoxsa Təbrizdirmi, allah bilir. Gəncə şəhərində sükunət edən ruhanilərin və müxtəlif əsnafların və peşəkarların vəsfi-şənində istehza və kinayə təriqi ilə inşad etdiyi müxəmməsi-müstəzaddır: Könlüm həvəs eylər ki, qılım bir neçə əşar, Əşari-dürərbar. Lal olmaya nitqim, edə tuti kimi göftar, Ya bülbüli-gülzar. Bu rəsmdir əşarə olub talib besyar, Çün onda fərəh var. Xəlqin görürəm əksərini mən kimi bikar, Yüz dərdə giriftar. Өvsafını bu şəhrin edəm mən sənə izhar, Ey arifü huşyar! Əvvəl sölərəm məscidi, çün rövzeyi-cənnət, Çox var bu şəbahət. Olmaz bu cahanda belə məbədgəhi-millət, Mehrabi-ibadət. Yox eyb ilə bir nəqsi onun həqq-həqiqət, Banisinə rəhmət. Memari onun tərhini çəkmiş nə qiyamət, Çox rənc ilə zəhmət. Gəlməz bu cahan içrə dəxi bir belə memar, Bu elmə səzavar. Mollalarının hər biri əllamədir əlhəq, Elm onlara müştəq. Qazisi qəzavətdə Şüreyh idi müvəssəq, Fitvaları bərhəq. Qanuni-şəriət tapıb onlar ilə rövnəq, Sən söylə ki, səddəq. Sübh olduğu tək əsrə kimi dərs de mütləq, Təhsildir əlhəq. İlkindidən axşama kimi bəhsi-səmavar, Bir elmdi düşvar. Düşdü güzərim hücreyi-axunda çü yeksər, Gördüm neçə kəslər. Dövründə oturmuş həmə əşxasi-müvəqqərö[1], Xoşqamətü mənzər. Təşbih elədim hər biri [bir] Buzərü Qənbər, Salmanə bərabər. Guya dirilib tazədən Əmmar ilə Yasər, Əshabi-peyğəmbər. Ricət olub aya ki, gəlib heydəri-kərrar, Bu Cabiri-Ənsar. [1]- Müvəqqər — möhtərəm, təzim və təkrim olunmuş olan. Vəsf eylərəm əsnafları cümlə bu minval, Məcmui xoşəhval. Azdır buları mədh edə bir kimsə məhü sal Yüz şairi-nəqqal. Tacirlərini eyb edənin nitqi olur lal, Mərdud olu filhal. Bu şəhrdə kiçik yüz iyirmi iki baqqal, Bir danədi qəssal. Sahiblərinə söyləsə hər kimsə ribaxar, Müşrik olu murdar. Vəh, vəh, nə müəttər görünür firqeyi-dəbbağ, Çün buyi-sərimsar. Rövğən küpünə daxil olub cümleyi-səbbağ[2], Guya ki, yeyib yağ. Səllaxü[3] kirişçi ikisi oldular ortaq, Sərmayə bağırsaq. Ruxsarını əllafların gör nə olub ağ, Çün pəşmi-Qarabağ. [2]- Səbbağ — boyaqçı. [3]- Sallax — qoyun və qaramal başı kəsib soyan adam. Təbbaxləri gör nə edər təbxi-müləzzəz, Çoxlar onu bilməz. Pitipəz ilən paçəpəz, ustadi-həlimpəz, Dükkanları məbrəz, Kababçı əgərçi buların payinə gəlməz, Bunları bəyənməz. Halvaçıların mayəsidir quyruğü bəkməz, Hər kim yeyə bilməz. Biçarə sabunçu qalıb avarəvü bikar, Өz halına ağlar. Bu səfhəni gör kim, nə Gülüstani-İrəmdir, Məxluqu sənəmdir. Əfsus ki, bu şəhrin əhibbaları kəmdir, Guya ki, ədəmdir. Bəzi, görüpür, tatü cühud ilə əcəmdir, Sərriştəsi kəmdir. Dərd olsa əgər bircə bu dünyada, nə qəmdir? Nə cövrü ələmdir? Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar, Ya qadirü qəffar! Zakir ilə Vaiz o taydan gəli hər dəm, Zakirliyə möhkəm. Arşın yarım ağ ilə olub cümlə müəmməm, Ol ömrləri kəm. Sirab edə bilməz buları cud ilə Hatəm, Dinar ilə dirhəm. Eyvah, yaxın oldu yenə mahi-məhərrəm, Tutmaqlığa matəm. Məmlüvv edəcək mənbəri kirpilə ilanlar, Bu mərsiyəxanlar. Filcümlə İranın söləyim vəsfini mənqul, Ta olmaya çox tul. İranda məgər qəhtdi bir adəmi-məqul, Həm layiqü məqbul? Bir gövdənin adını qoyub nayibi-konsul, Qılmış bunu mərsul. Təzkirə bahası deyibən nahəq alır pul, Bu zalimi-məxzul. Birdir buna dərviş ilə əfsungərü tüccar, Dəllakü cəmadar. Zəbihin bu müstəzadı artıq məharətlə yazılıbdır. Bu kəlamda səbat, ciddiyyət və təmkinlik ilə istehza və kinayə, ağlamaq ilə gülmək, şadlıq ilə qəm biri-birinə qarışıbdır. Burada bilmək olmur ki, şair doğrudanmı Gəncənin ruhanilərini və sair sənət əhllərini tərif və mədh eləyir, yoxsa onların üstünə gülür, rişxənd eləyir. Doğrudanmı Gəncə mollaları əllamədirlər və Gəncə qaziləri ümuri-qəzavətdə müvəssəqdirlər? Doğrudanmı qanuni-şəriət onların mübarək vücudları sayəsində rövnəq tapıbdır və sübhdən əsrə kimi onlar əziz vaxtlarını dərsü bəhsdə, təlimü təəllümdə keçirirlər, yoxsa şair zərifanə onların üstünə gülüb kinayə edir? Şairin sözünə inanmaq olardı, əgər samavar məsələsi araya gəlməsəydi. Hacıların vəsfinə dəxi hamı inanardı, əgər "ribaxarlıq" sözü açılmasaydı. Əgər şair möhtərəm hacıların ribaxar olmağını inkar edib deyir ki, onlara bir kəs ribaxar deyə bilməz, desələr "müşrik olur murdar", vəli bu sözlərin kinayətəriqi ilə söylənməsinə şübhə yoxdur. Çünki Gəncə tacirləri faiz və riba almasaydılar, onların bu sifəti hərgiz burada zikr olunmazdı. Firqeyi-dabbağdan sarmısağın və bağırsağın "buyimüəttəri" gəlmək sözlərindən şairin rişxənd etməsi zahir olur. Sonra şair təbbaxları, bitibişirənləri və paçapəzləri, həlimaşı bişirənləri, kababçı, halvaçı və sabunçuları öz sənətlərinə müxtəs sifətlər ilə tərif edib "pitipəz ilə paçapəz, ustadi-həlimpəzin" dükanlarını məbrəzə təşbih edir. Bundan sonra ətibba sinfinə keçir və onların kəmyablığından şikayət edir, tapılanları da ya tat olur və ya cuhud ki, təbabət elmində əsla sərriştələri olmur. Ancaq dərd üstünə dərd artırırlar. Ol cəhətdən şair deyir: Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar, Ya qadirü qəffar! Xətmi-kəlamda şair məhərrəm ayında İrandan gələn əqrəbsənət və marsirət vaiz və mərsiyəxanları zikr edib, onların tamahkarlığından və biçarə fəhlələri, dərvişləri, əfsungərləri, dəllək və camədarları soyub çapovulçuluq edən nabəkar konsul nayiblərinin zülmü cövründən dadü fəryad edir. Bundan məlum olunur ki, İranın viran olmağı və onda əlan müşahidə olunan binizamlıq və ədalətsizlik xeyli zaman bundan müqəddəm başlanıbdır. Mərhum Zəbihin bu şeri müstəzadı "Molla Nəsrəddin" curnalına ən münasib və onun məsləkinə yaraşan mənzumələrdən birisidir. Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və əşarına rəvac verən olmayıbdır. * * * Cəfərqulu xan "Nəva" təxəllüs Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu. Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi. Cəfərqulu xan babası İbrahim xan kimi dilir, rəşid, qəviheykəl və pürhünər bir zat imiş. Əhli-zövqü şövq olduğu üçün vaxtını işrətdə keçirərmiş, tar-tənburu, çəng-çəğanı, mütrib və müğənnini dost tutarmış. Qapısında İran padşahları kimi pəhlivan və nər güləşdirmək, qoç döyüşdürmək, kəndirbaz oynatmaq, hoqqabaz saxlamaq adəti və xoşa gələn işlərdən hesab olunarmış. Vəli o sifətləri ki, "Riyazül-aşiqin" sahibi möhtərəm Məhəmməd ağa Müctəhidzadə xani-mərhumun haqqında yazıblar, dürüst deyil. Belə ki, Müctəhidzadə cənabları yazır: "Bu mənbəi-cudü səxa və mədəni-feyzü əta ki, xani-nəvali və süfreyi-ehsani ğədü işa və sübhü məsa məcməi-füqəra və mövqeyi-məsakin və züəfadır, təlli-xakistəri mətbəxi-cudindən atılan xakistər və əncümü əxtər onun ad qazanan olan qüduri-rasyatının zirindən çıxan şərarə və əxkərdir. Nami-nami və ismi-giramisi cənnətməkan və xüldaşiyan Cəfərqulu xani-mərhum ki, Məhəmmədhəsən ağa Cavanşirin şiblidir" i.a. Bu müqəddimə xilafi-haqqü savab və bir növ biməzmun ibarələrdir ki, bunları yazmaqdan müəllifin əsl muradı nə olduğunu anlaya bilmədik. Bu qədər tərif və tövsifə nə hacət?! Bu qədər mübaliğə və ifrat nə lazım?! Bu boş ibarələr ancaq kəlamı etibardan salır. Hər şəxsi öz sifəti ilə yazmaq, bildirmək yaxşı deyilmi?! Xani-məzkuru görüb-eşidənlərin rəvayətinə görə, onun süfreyi-ehsanı məcməi-füqəra və mövqeyi-məsakinü züəfa olmayıb, bəlkə lotu-potu yığıncağı, oyunbaz, quşbaz və şəbədəsazi-məhəlli olubdur. Onun "mənbəi-cudü səxa və mədəni-feyzü əta" olduğuna dəxi şübhə çoxdur. Necə ki, onun şənində mərhum Qasım bəy Zakir Mirzə Fətəli Axundova yazmışdı, onun vücudu yuxarıda yazılan sifətlərdən ari və bəri imiş. Budur Zakirin yazdığı şerlər: Çoxların qılıbsan çörəyə möhtac, Axtarır, tapılmaz dərdinə əlac; Fironu Hamanü Zöhhakü Həccac Ola bilməz ola sitəmkar səndən. Bidətin yandırıb qövmü əshabi, Müşküldü gətirək bu zülmə tabi, Düşüb Cəbrəilli, Maralyan, Babi, Horadiz, Qoyucaq dərbədər səndən. Zülmü sitəminlə aləm dolubdur, Əhli-beytin rəngi-ruyi solubdur, Neçə rövşən xanimanlar olubdur Şəbi-yelda kimi tirətər səndən…. i.a. Çox ehtimal var ki, Zakir dəxi xani-mərhumu təzmim etməkdə mübaliğə etmiş olsun və bir növ qərəzi-şəxsi ucundan həddi-etidaldan çıxsın, amma bilmərrə bu sözlərin doğru tərəfini də inkar etmək olmaz, bir halda ki, əvvəl vaxtlarda Zakir Cəfərqulu xana yavuq imiş və onun əxlaqü ətvarına dürüst bələd imiş. Cəfərqulu xan həştad ildən artıq yaşayıbdır və hicrətin min iki yüz həştadıncı illərində vəfat edibdir. Təbi-şeriyyəsi dəxi var imiş. Fars və türk lisanında bir neçə əsərləri vardır. Tamahkar və halvaxor bir mollanın barəsində bu şerləri yazmışdır: Ey oştore-kəcgərdəna danəm çe xahi kərdəna, Gərdənderazi mikoni əz bəhre-həlvaxordəna. Çon sobh xizi, quş kon çon morde bini cuş kon, Xurcinra bər duş kon əz bəhre-həlvaxordəna. Bər xane-rəbbol-nasra əz sər məbər vəsvasra, Por kon çənaqo tasra əz bəhre-həlvaxordəna. [1] [1] Tərcüməsi: Ey boynuəyri dəvə, bilirəm nə etmək istəyirsən, Halva yemək üçün boynunu uzadırsan. Səhər duranda qulaq as, elə ki, ölü gördün, coş, Halva yemək üçün xurcunu çiyninə al. Allah adamlarının süfrəsi arxasında şeytanı fikrinə gətirmə, Halva yemək xatirinə qab-qaçağını doldur. Bəziləri bu şerləri Cəfərqulu xana isnad verirlərsə də, biz yəqinən təsdiq edə bilmərik. Xanın Aşıq Pəri ilə dəxi bir neçə mükalimələri və məktubati-mənzumələri vardır və lakin onların çəndən əhəmiyyəti yoxdur ki, burada yazılsın. Kəlamından məşhuru Şuşa qazisi Mirzə Əbülqasımın haqqında yazdığı qəsidədir ki, eynilə burada dərc olunur: Matəmi böylə tutarmış məgər adəm, qazi, Edə lənət ona bəs sahibi-matəm, qazi. Sən necə zamin olurdun, kişi, dava olmaz, Bu sözü rus yanında dediniz həm, qazi. Siz məgər halını öz əhlinizin bilməzsiz, Zərrəcə bəd əməlindən eləməz qəm, qazi. Özgə davada olan kəslər alır simu zəri, Qırdırır şişəlini müftü müsəlləm qazi. Zahirən qələlinin qətlə gedərdi nisfi, Olmasaydı aralıqda yenə Rüstəm, qazi. Daima vəz eləyir xalqa ki, ehsan eləyin, Özü heç dışqarı verməz ola gər nəm qazi. Daş daş üstə belə Şişədə durmaz hərgiz, Bəzi işlərdə əgər olmasa ələm qazi. Adını molla qoyan xalqa deməz rast yolu? Onların dərdi edibdir qədimi xəm, qazi. Unudurlar hamısı tarı, peyəmbər əmrin, Gər aralıqda ola söhbəti-dirhəm, qazi. Bir para vaxt danışmaq bizə lazımdır, leyk Bir para vaxtda yekdir ola əbkəm qazi. Demişəm mən sənə heç vəqt inanma xalqa, Bəzi övqat eşit pəndimi kəm-kəm, qazi. Bundan artıq nə yazım dərdi-dili, mövlana, Deyərəm baqi sözümü səni görsəm, qazi. Cəfərqulu xanın qaziyə xitabən yazdığı bu kəlamına səbəb mahi-məhərrəmdə qalalıların arasında dəstəbaşı olmaqlıq və yainki cüzi bir şeyin üstündə vüqua gələn dava və çırpışma olubdur ki, neçə adamlar nahaq yerə qətlə yetişibdir. Yəqin ki, qaziyi-şəhr divan əmələcatına söz verib zamin olubdur ki, dava və şava düşməz, vəli öz əhlinin öhdəsiidən gələ bilməyib, rəfi-mücadilə və mübahisədə aciz qalıbdır və yainki kəsrəti-təmədən tərəfgirlik edib, mücadiləyə bir növ özü səbəb olubdur. Necə ki, xanın kəlamı buna şəhadət verir: Sən necə zamin olurdun, kişi, dava olmaz, Bu sözü rus yanında dediniz həm, qazi. Siz məgər halını öz əhlinizin bilməzsiz, Zərrəcə bəd əməlindən eləməz qəm, qazi. Özgə davada olan kəslər alır simu zəri, Qırdırır şişəlini müftü müsəlləm qazi. Cəfərqulu xanın bu kəlamı müasiri olan Qasım bəy Zakirə--ki, Qarabağın ən müqtədir şairi hesab olunur və onun haqqında atidə zikr olunacaqdır,--təsir eləyir və övsafi-qazini ol mərhum dəxi də mükəmməl vəchdə və istehza səbkində nəzmə çəkir. Kəlami-Zakir: Eləyibdir [nə] günəh hiç nə bilməm qazi, Xəlq arasında olubdur belə mülzəm qazi. Yaradıbdır onu ol xaliqi-əşya bieyb, Dari-dünyada bu surət tapılır kəm qazi. Qazi hər yerdə olur biməzəvü bədhərəkat, Şükrlillah ki, bu həm baməzədir, həm qazi. Qələmi tiği-düsərdir, özü mərdi-rəhi-din, Daima Şeyxi ilə cəngə müsəmməm qazi. Səri-ədadə fırıldar çomağı bərqasa, Necə ki, mərəkədə şeşpəri-Rüstəm qazi. Nari-qəhri əridir mum kimi fuladi, Küreyi-nəfsi-dərunə verə gər dəm qazi. Kimdi yanında onun Əliqulu, Əbdurrəhim, Kuhi-Əlbürsü yıxar çün toxunan dəm qazi. Dəhrdə Şişə olur səngi-cəfadən eymən, Ola bir şəhrdə bu tərzlə möhkəm qazi. Mədəni-cudü kərəm, caygəhi-əmnü əman, Ədldə Nuşirəvan, bəzldə Hatəm qazi. Füqəra dövri-sərayində bəsani-halə, Nəqdi-ehsani Qarabağə çü şəbnəm qazi. Qələt etdim, bu sözün yoxdu vüqui hərgiz, Qorxuram cəmdəyimə tüf deyə aləm, qazi. Şişənin simü zərin doldurasan xanəsinə, Şişəvəş dışraya verməz yenə bir nəm qazi. Qazi oldur ki, qala əhli-vilayət qəminə, Nə ki, aləm həmə qəmgin ola, xürrəm qazi. Onda mən gördüyümü görmüşəm, indən beylə-- Etməzəm taət ona gər ola qibləm qazi. Haradan gəldi bular, eylədilər xəlqi xərab, Biri der müctəhidəm, biri müsəlləm qazi. Atlanıb biri çapar Təkləyə day, danə üçün, Biri də şamü səhər talibi-dirhəm qazi. Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə, Bir deməz hiç gəlir mahi-məhərram qazi. Qazi lazımdı deyə məhkəmədə şəri-nəbi, Nə ki kəşt edə cahanı, minib ədhəm qazi. Təbrizin ağı ucuz, miri-vilayət qafil, Hər əlif-bey deyəni qıldı müəmməm qazi. Dəxi divani-rəiyyət belə getsə, qalmaz, Bu Qarabağı edar cümlə mükərrəm qazi. Xişü əqvamına mu qədri tərəhhüm qılmaz, Dəmbədəm xalqa oxur sileyi-ərhəm qazi. Sabiqən böylə deyildi, olub indi birəhm, Həzrəti-xanə olandan bəri məhrəm qazi. Çox adam var idi nəzm ilə əda eyləməli, Xahişi-xanə görə düşdü müqəddəm qazi. Çünki divanəyə yoxdur qələm ümmidim var Əfv edər cürmümü, gör üzünə söysəm qazi. Dastani-Əmiraslanı bu gündən böylə-- Başlaram, fikrim əgər olsa fərahəm, qazi! Hər iki kəlamdan məlum olunur ki, ruhanilərimizin qusur və nöqsanı hər bir əsrü zamanda əhli-mərifətlərimizin nifrət və tənqidlərinə bais olub, onları təzmim və təsyib qılıblar. Xüsusən məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagir və biəməl olmaqları cümlədən artıq üdəbavü şüəra zümrəsinə təsir edibdir. Necə ki, Cəfərqulu xan buyurur: Daima vəz eləyir xalqa ki, ehsan eləyin, Özü heç dışqarı verməz ola gər nəm qazi. Zakirin bu mətləbə dair yazdığı şer bundan da gözəl və pürməzmundur: Şişənin simü zərin doldurasan xanəsinə, Şişəvəş dışraya verməz yenə bir nəm qazi. Bu kəlamda cinas vardır. Əvvəlki misrada "Şişə" Şuşa qalasından ibarətdir ki, sabiqdə Qarabağ xanlarının paytaxtı hesab olunurdu. İkinci misrada yazılan "şişə" məhz şişənin özündən--sürahidən ibarətdir ki, onun içinə hər nə töksən yenə dışqarıya nəm verməz. Cənab qazi dəxi nə qədər öz xanəsinə Şişə xalqının simü zərini və sair əmvalını doldurur isə, yenə də doydum deməyib, xaricə və ətrafında olan füqəravü məsakinə zərrəcə rəhm eləmir və bir möhtacın ehtiyac və zərurətini rəva qılmır. Necə ki, bu barədə mərhum Qasım bəy başqa bir kəlamında buyurmuş: Molla nə molla, əsiri-şikəmi-əndər piç, Qazi nə qazi ki, sir olmaz içə ümmani. Bəli! Dəryalar kamına çəkib sir olmayan və heç bir şeydən gözləri doymayan ruhanilərdən milləti soymaqdan qeyri daha bir təmənnavü çeşmdaştlıq ola bilməz!… Necə ki, yuxarıda zikr olundu, sabiqdə Zakirin xatiri Cəfərqulu xanın yanında əziz imiş və aralarında zərafət var imiş. Bir dəfə Zakir xanın hüzuruna gedir və nə tövr olursa, onun başmaqları xanın sarayında oğurlanır. Şair məyusanə evinə qayıdıb bu həcvləri xidmətkarlar böyüyü Bəylər bəyə yazır: Bəylər, nə layiqdi xan qulluğuna Bir kəs atlı gedə, piyadə gələ? İldə bir yol düşür mənim güzarım, Vay onun halına ziyadə gələ. Böyüyün dərində lazımdı dərban, Axşama dək ola bəndeyi-fərman, Təmənnasız gələn olur peşiman, Gələ gör bir adəm murada gələ! Oğruluğa əcəb olubsuz mötad, Həmrahi-birahın dad əlindən, dad! Gedəndə şad gedər, gələndə naşad, Hər kimsə ki, sizii bərbada gələ. Gəlməyən adama deyirsiz: gəlin! Müşküldür qayıtmaq ayağı yalın, Mən yenə qıvrağam Adıgözəlin Gərək dalısınca ərdadə gələ. Məsəli-məşhurdur: "Quş dənə gedər", Sizdə bir nəf yox səvayi-zərər, Gəlməz o qapıya heç kimsə məgər Horadiz, Qoyucaq fəryadə gələ. Bundan sonra girən xanın evinə Gərək başmaqların soxa cibinə, Ya keçirə saf otağın dibinə, Nə isə, mühəyya, amadə gələ. Lazımdır tərəddüd xeyirdə, şərdə, Ədalət üzümə çəkibsiz pərdə, Bir təziyə olsa, xudanəkərdə, Gümanım yoxdur [ki], molla da gələ. Bir adam təyin et asitanaya, Yaxşını-yamanı gerçək tanıya, Nə eşiyə, nə də qəhvəxanaya Qoyma hər yetən … gələ. Onun cavabında Cəfərqulu xan Zakirə yazmışdır: Qasım bəy, adətdir, xan qulluğuna Bir kəs atlı gəlsə, piyada gedər, Mən deyiləm, aləmdə var, eldə var, Belə cüzi işlər arada gedər. Burada bir başmaq olub zərərin, Qələm alıb yazdın zəmmin bu dərin, Zalım, yoxdur məgər sənin xəbərin, O dərdən kim, aləm fəsada gedər? İndi belə görmə Adıgözəli, Səndən qıvraq idi onun əzəli. Hər zaman ki, durub yola düzəli, Yenə bədov atdan ziyada gedər. Gədə, saf azıbdır əməlin sənin, Mədənisən təqəllübün, fitnənin. Sən neçün bilməzsən, bağlı gələnin Ayağı açılıb piyada gedər?! Oğlan, lap çıxıbsan sən əndazədən, Neylər, hələ gedəcəksən yazədən, Köhnə oğurlandı, tikər tazədən, Bir adam yollaram ustadə, gedər. Necə ki, sabiqdə bu barədə məlumat verildi, Mehdiqulu xan ilə Cəfərqulu xanın mabeynində büğzü ədavət var imiş. Cəfərqulu xanın Mirzə Fətəli Axundov ilə dəxi ülfət və aşinalığı var imiş və aralarında zərifanə irsalü mərsulları olubdur. Bunlardan bir namə ki, Axundov xani-müşarileyhə yazıb, Adolf Berjenin Leypsiq məcmuəsinə daxil olubdur. Haman namə belə başlanır. Hacıqulu səndən, ey taci-sərim, Ziyadə-ziyadə xürrəm olubdur. Söz veribdir sizə Kruzenştern, Poçotniklik işi möhkəm olubdur. Bu məktubu eyni ilə Mirzə Fətəli Axundovun tərcümeyi-halı babında dərc etməyi münasib gördük. Fars dilində yazılmış əsərlərdən bir məktub Mirzə Haqverdi "Səfa" təxəllüsə və mahi-məhərrəmin yetişməsi münasibətilə inşad etdiyi tərcibənddən bir bənd "Riyazül-aşiqin"dən iqtibasən burada dərc olunur. Cəvabi-Mirzə Haqverdi Səfa: Suye-yarane-vəfa bişe səlami darəm, Qəllü dəllə əcəb torfe kəlami darəm, Rox nemipuşəm əz in ərz konəm fərzol-eyn Çon ke, dər pişe-şoma şohrəte-tami darəm. Gərçe matimo piyade ze çenin gərdeşe-çərx, Əsb dozd bordevo dər dəst locami darəm. Nist dər Şişeye-ma fərq həlali ze həram, Gər qəbuləş bekoni, Rəxşe-xorami darəm. Ğərəze-mən həme şuxisto nə sedq, səfa, Bər mətərsid ke, əz kəlmeye-la midarəm. Ey Nəva, gər nəkoni razi bedan qazira, Ba to ta ruze-cəza bəhse-modami darəm. [2] [2] Tərcüməsi: Vəfalı dostlara çoxlu salamım var, Şəninə söylənmiş əcəb gözəl sözüm var. Bu ərzimdən çəkinmərəm, göz yuması deyiləm, Çunki sizin yanınızda tam şöhrətim var. Hərçənd ki, fələyin bu cür dövr etməsindən mat və piyadayıq, Atı oğru apardı, cilovu əlimdə qaldı. Bizim Şuşada halalla haram arasında fərq yoxdur, Əgər qəbul eləsən, yorğa bir Rəxşim var. Mənim məqsədimin hamısı zarafatdır, sidq ürəkdən deyil, "Yox" sözümdən qorxmayın. Ey Nəva, bil, əgər qazini razı salmasan, Qiyamət gününə kimi səninlə daim mübahisəm var. * * * Mahe-məhərrəm amədo por şod deləm ze ah, Dude-deləm gereft roxe-çərxo mehro mah. Çon əbre-noubəhar fələkra əhate kərd, Çəndan ke, dər fələk bemələk minədarəd rah. Cəbrəil əz tərəddode-əflak baz mand, Qofta beheyrəti ke, xodara, tora pənah. Aya çe şod ke, çake-gəriban nəmud sobh, Puşide şəb lebase-əzara be bər siyah. Aməd neda ze hatefe-ğeybi ke, ya əmin, Bengər bedəşte Kərbəla, suye-qətlgah. Emruz ruze-qətle-Hoseyne-ibn Mortəzast, Emruz ruze-matəme-məcmue-ənbiyast. [3] [3] Tərcüməsi: Məhərrəm ayı gəldi, ürəyim ahla doldu, Ürəyimin tüstüsü göyləri, ayın və günəşin üzünü örtdü; Bahar buludu kimi fələyi əhatə elədi, Belə ki, mələk fələkdə keçməyə yol tapmadı. Çəbrayıl fələklərə gedib-gəlməkdən qaldı, O, heyrət içində dedi ki, "allah, sənə pənah!" Məgər nə oldu ki, sübh yaxasın açdı, Gecə qara yas paltarını geydi? Qeybdən səs gəldi ki, "ya Əmin, Kərbəla səhrasında qətlgaha bir bax, Bu gün Hüseyn ibn Mürtəzanın qətl günüdür, Bu gün bütün peyğəmbərlərin matəm günüdür. Mərhum xanın yuxarıda dərc olunan nümuneyi-asarından,--xah türki olsun və xah farsi,--onun xoştəb bir şair olduğu görünür. * * * Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir. Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır. Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat və xövf etməz imiş və öz eli içində nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və səyini öz elinin və vətəndaşlarının xeyir və səlahı yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı və düşmənləri də çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan axırı düşmənlərin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən məhrum qalır. Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırlarının haqqında deyirlər ki: "El üçün ağlayan gözsüz qalar!" Şairi-mərhum gözləri çıxarılandan sonra bu növhəni inşad etmişdir: Mən qəribəm vətənimdə, qazılar, İtirmişəm ağır ellər, ağlaram. Könül həsrət qaldı, can intizarda, Gözlərəm sübhü şam yollar, ağlaram. Həşrə qaldı canda el intizarı, Görərmola, ya rəb, didar didarı? Fikr elərəm hər dəm ol aşna, yarı, Gözlərimdən axar sellər, ağlaram. Eldən ayrı düşdüm, güzarişim yox, Sığındım mövlaya, qeyri işim yox, Munisim, qəmxarım, bir yoldaşım yox, Sərimdə qovğalar, qallar, ağlaram. Könlümüzdən gedib eşqü həvəslər, Yığılsın bir yerə könlü şikəstlər, Qohumdan, qardaşdan yad olan kəslər, Dolanır bağrımda millər, ağlaram. Şair, həqdən gərək insana dövlət, Getməyə üstündən sayeyi-rifət, Xudadan gər bizə olmasa şəfqət, Aylar ilə gülsəm, illər ağlaram. Mərhum Əbdürrəhman ağanın əsərləriidən ən əhəmiyyətlisi Gəncə xanı Cavad xan Ziyadoğlunun rus qoşunu ilə 1804-cü səneyi-miladidə etdiyi cəngin və xani-mərhumun göstərdiyi rəşadət və hünərin və filcümlə, onun sərgüzəştinin barəsində yazdığı müxəmməsdir ki, məəttəəssüf, cümləsini burada zikr etmək, bəzi səbəblərə görə, mümkün olmadı. Müxəmməsi-Əbdürrəhman ağa Şair dər həqiqi-Cavad xan Ziyadxanov: Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən, Ta əbəd ruzi-əzəl bədmehru bədkirdardən, Çərxi-zalim, dəhri-dun, sahibxəta, biardən-- Kim, Yezidin izzətin gör şahi-diləfkardən, Gör Cavad xan macərasın möhnəti-məkkardən. Böylədir dövran, əzəl insanə al eylər cahan, Bir zaman xürrəm qılır, bir dəm məlal eylər cahan, Şah ola, istər gəda, aşüftəhal eylər cahan, Aqibət bir gün gedər himmət, halal eylər cahan, Naxudanı qərq edər ol kəştiyi-pürbardən. Hər zaman dövran salıbdır canı canandan cüda, Adəmi həvvadan ayrı, baği-rizvandan cüda, Xatəmi saldı fələk cahi-Süleymandan cüda, Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda, Əskik olmaz zari-bülbül, söhbəti-gül xardən. Şahnamə şərh edən [yox] ol Cavad xan vəsfini, Mədəni-cudü səxavət, ədli-divan vəsfini, Bilmiş Əflatun səharin əhli-meydan vəsfini, Hikməti-Loğmandan artıq dərdə dərman vəsfini, Bir müxəmməs nəzm ilə inşa qılım əşardən. Gəncə şəhrində Cavad xan kim, nə əyyam var idi, Sahibi-lütfü ədalət, sadiqül-iqrar idi, Hər işin felində mahir, aqilu huşyar idi, Müxtəsər, aləmara pürimtəhan sərdar idi, Gör nələr çəkdi qəzadən, dövri-bədətvardən. Düşdü davası əzəldən ol Şəki, Şirvan ilə, İbrahim xan ittifaq oldu ol Ümmə xan ilə, Gəldi ləşkər üstünə ol cümlə Dağıstan ilə, Onlar ilə qıldı dava sərbəsər meydan ilə, Çəkmədi hərgiz zərər bir fitneyi-əğyardən. Bir də ondan sonra gəldi valiyi-Baqratyan, Yığdı Gürcüstan tamamən ləşkər ta vadiyan, Neçə illər qıldı dava, çəkmədi ondan ziyan, Vali köçdü çün fənadan, etdi tərk axır cahan, Gör nə sadir oldu Gurgin xan kimi əğyardən?! Ol Cavad xan vəsfini necə qələm şərh eyləsin? Şərhə sığmaz, vəsfi-halın necə dillər söyləsin? Bir belə sərdarü qazi kim görübdür böyləsin? Düşdü davası onun kari-qəzadan, neyləsin, Padşahi-rusi-sahibtac ilən tumardən? Çəkdi bir il ol Cavad xan eylədi cəngü cidal, Gah sülh etdi arada, gah qıldı rəngi-al, Gördü kim, olmadı axır, artdı fitnə, qilü qal, Gəlmədi imdadə, hərçənd eylədi yüz ərzi-hal, Fətəli şah, sahibi-İran olan xunkardən. Ol Hüseynqulu ağa kim, gəldi xanın yanına, Layiq idi hər hünərlər şövkətinə, şanına, İstədi qanın qata ol dəmdə xanın qanına, Qoymadı xan göndərib, bir qeyri bürc meydanına, Yəni onun vəhşətin mən görməyim didardən. Qələsin sandı Cavad xan ol zaman viranədən, Çox çalışdı ta ölüncə dərdinə dərmanədən, Feyzi-həqdən ta yetincə rəhməti-qüfranədən, Çıxdı ruhu ol bədəndən, rövzeyi-rizvanədən, Ey xoşa, buldu şəhadət vahidül-qəhhardən. Həm Hüseynqulu ağa buldu şəhadət novcəvan, Xəlq ara bu cümlə möhnətdən yaman oldu yaman, Anası ahlar çəkib, şaxsey deyib eylər fəğan, Üz tutub ol bargahə əlvida eylər aman: Binəva düşdüm cüda fərzəndi-gülruxsardən. Gəncəli xalqı şəhadət qıldı həqqa canfəda, Kimi məzlum, kimi azadə qalıb əndərbəla, Hər biri bir növ ilə yüz dərdə oldu mübtəla, Yadına gəlməz məgər məzlumi-dəşti-Kərbəla, Ey utanmaz çərxi-zalim Əhmədi-Muxtardən? Min iki yüz daxi on səkkizdə tarixi-zaman-- Kim, şəhid oldu Cavad xan, çıxdı əzdari-cahan, Çox pərişan oldu halı Gəncənin həddən yaman, Gəl yetiş imdadə, ya həq, Mehdiyi-sahibzəman, İnciməzmi xatirin bu dərdü ahü zardən?! Bu müxəmməsin bir neçə bəndləri dəxi vardır ki, fövqdə zikr olunduğu üzrə onların burada yazılması münasib görülmədi. Cavad xanın və oğlu Hüseynqulu ağanın şəhadəti vaqe olubdur hicrətin 1218-ci tarixində ki, miladın 1804-cü ilinə mütabiqdir. Mərhum Cavad xan ziyadə qəyurü cəsur və sahibi-əqlü tədbir bir hakim olduğu təvarixdə yazılmışdır. Şəhadəti zamanı sinni əlliyə kimi var imiş. Məlum ola ki, rus qoşunu əvvəlinci dəfə İran sərhəddinə qədəmgüzar olduqda Cavad xan dava və şavasız onun Gəncəyə daxil olmasına yol verib və rus dövlətinə öz təbəiyyat və ixlasını izhar edibdir. Kovalenski--ki, rus dövləti tərəfindən Gürcüstanın ümuri-xariciyyəsinə nazir təyin olunmuşdu,--yazır ki, hamıdan əvvəl onun yanına elçi göndərib, onu təbrik edən və rus imperatoruna ixlas və sədaqətini izhar qılan Cavad xan olubdur. Əgərçi Abbas Mirzə öz qoşunu ilə Gəncə sərhəddinə yavuqlaşanda Cavad xan onun tərəfinə bir növ meyil edibdir, vəli Kovalenskinin yazmaqına görə, bu meylü rəğbət zahiri bir politika imiş. Batinən və qəlbən onun meyli rus dövlətinə imiş və Gürcüstan ilə xanın mabeynində vüqua gələn bəzi inqilab və şurişləri, xüsusən, Şəmsəddin məsələsini qət və həll etmək üçün xani-mərhum İran dövlətinə rücu etməyib rus dövlətinin vasitəsilə dəstaviz edirmiş. Və lakin knyaz Sisianov Qafqaza rəis və inspektor təyin olunub gələn günündən Zaqafqaziyada hökumət edən xanlar ilə, xüsusən, mərhum Cavad xan ilə artıq dərəcədə dürüştlük və sərtlik ilə başlayıbdır rəftarü müamilə etməyə. Qafqaz arxeoqrafiçeski komissiyası cəm və tərtib etdiyi aktlardan--ki, bir neçəsini bəndeyi-həqir türk lisanına tərcümə edibdir,--məlum olur ki, Cavad xanın rus qoşunu ilə əslən və qətən dava etmək fikri yox imiş. Onu davaya məcbur qılan knyaz Sisianovun ağır təklifləri, xüşunət və dürüştlüyü və bəzi ittifaqlarda nalayiq fəhşləri olubdur. * * * Əsgər Şirvani Əsgər Şirvanidən bir qəzəl burada təb olunur: Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm, Mən ol dünyapərəsti handa gördüm, bivəfa gördüm. Xəyanətlər bəsa gördüm həqiqi aşinalərdən, Təfəhhüs eyləyib biganələrdən aşina gördüm. Bahari-ömr keçdi, olmadı kami-dilim hasil, Güli pəcmürdə gördüm, əndəlibi binəva gördüm. Məhək daşına vurdum, çoxları mən imtəhan etdim, Üzündə sikkə gördüm, qəlp gördüm, bədnüma gördüm. Kimə kim, dərdimi izhar qıldım, istədim dərman, Өzümdən biştər dərdə onu mən mübtəla gördüm. Əgər xişti təlavü nöqrə olsa günbədi-gərdun, Mən anı xaksari-tirə üzrə ziri-pa gördüm, Cahan mülkündə, cana, ömrə çox da etibarım yox, Bəqa fikrində, ey Əsgər, bu dəhri həm fəna gördüm, Fələyin dövründən və zəmanənin gərdişi-pürsitəmindən və dost-aşnaların bivəfalığından şikvəvü nalə eləmək bizim keçmiş şüəra arasında ümumi bir rəsmü qayda olduğu üçün Əsgər Şirvani dəxi bu xüsusda bir əsər qoymuşdur. Bunun "Gördüm" qafiyəsi ilə yazdığı qəzəl Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs nəzm qıldığı kəlamı yada salır. Ancaq Əsgər Şirvaninin bu qəzəlində əvvəlinci beytin əvvəlki misrasında "dəhr" kəlməsi "ömr" kəlməsinin yerində və "emr" ləfzi "dəhr" sözünün yerində istemal olunsaydı, şerin mənası daha da düzgün çıxardı. Çünki "dəhr" kəlməsi "zaman", "əhd" və "əbəd" mənasında istemal olduqda ona "qəlil" sözünü qoşmaq və "qəlil" sifəti ilə "dəhr"i mütəssəf qılmaq dürüst gəlməz. Өmri-bəşər isə dəhrə nisbət, filhəqiqə, qəlil və qısa bir haldır ki, insan özünün qısaca ömründə gərəkdir haqqı və insafı əldən qoymasın, dinini dinara satıb axirət kəsbinin narına çalışmasın. Bəs, əgər bizim dediyimiz kimi "dəhr" və "ömr" kəlmələri müqəddəm və müəxxər olunsa, onda haman misra bu qərar üzrə gərəkdir tərkib olunsun: Qəlili-ömrdə, ey dil, bu dəhri bivəfa gördüm i. a. * * * Əbülfət xan "Tuti" təxəllüs Əbülfət xan Qarabağ valisi İbrahim xanın oğlanlarından rəşid, fəsih və əhli-kəmal bir zat imiş. Təbi-şeriyyəsi dəxi var imiş. Necə ki, Molla Pənah Vaqifin tərcümeyi-halı babında zikr olunmuşdu, İbrahim xan mərhum general Zubov Gürcüstan valisi İrakli xanın istimdadına gəlib Şamaxı həvalisində ordusu ilə əyləndiyi vaxt oğlu Əbülfət xanı onun hüzuruna sülh və izhari-itaət üçün göndərmişdi. Amma sonradan elə ki, Ağa Məhəmməd şah Şuşa şəhərində qətlə yetişdi və İranda ümuri-səltənət Fətəli şahın əlinə keçdi, İbrahim xanın meyli bir növ şahi-məzkurun tərəfinə əlaqə bağladı. Ağa Məhəmməd şahın nəşini, Fətəli şahın tələb etməsinə görə, ezaz və ehtiram ilə Tehrana rəvanə eləyib, bir para xoşayəndə peyğamlar dəxi ilqa etdi. Fətəli şah İbrahim xanın bu gunə rəftarından ziyadə xoşhal oldu və ona xələt və şəmşir göndərib bir çox vədələr verdi və hər iki tərəfə xatircəmlik hasil olmaq üçün qərabət və qohumluq təmənnasını izhar qıldı. İbrahim xan öz kəriməsi Ağabəyim ağanı şaha əqdinikah edib, onunla belə oğlu Əbülfət xanı da--ki, o vaxtı ağa idi,--şahın hüzuruna yolladı. Şah Ağabəyim ağanın kəmalını və hüsni-camalını görüb, onu cəmi əhli-hərəm üçün böyük və banuyi-hərəm təyin elədi. Bilmək gərəkdir ki, Ağabəyim ağanın da gözəl təbi var imiş və bir çox əşari-lətifə və ədəbiyyati-zərifə inşad qılmışdır. Vəli onlardan ələ düşəni olmadı. Fətəli şah Əbülfət ağaya da xanlıq verib özünə peyrəvi elədi və həm "Əmirül-üməra" ləqəbilə müləqqəb qılıb öz məclisi-xassına daxil və sahibi-izzət və hörmət elədi. Əbülfət xan şahın hüzurunda və İran şüəra və üdəbası dairəsində daha da artıq kəsbi-kəmal edib, fünuni-şerdə mahir oldu. Əbülfət xanın xatirini şahzadə Abbas Mirzə nayibüs-səltənə dəxi çox əziz tutarmış və özü ilə çox səfərlərə onu da apararmış. Vəfat edibdir İranda, hicrətin 1255-ci321 tarixində. Atidə dərc olunan bir türk və bir fars qəzəlləri ol mərhumun kəlamlarındandır. Qəzəli-türki: O gün kim, həsrət ilə ol büti-zibadən ayrıldım, Qalıb bir surəti-bihiss kimi, mənadən ayrıldım. Çəkib əl xəlqdən Məcnunsifət səhrayə üz qoydum, Kəsilmiş səbrü tabım, vəsləti-Leyladən ayrıldım. Mənə şimşadü sərvi, bağban, ərz etmə kim, hərgiz Yoxumdur meyli-gülşən, qaməti tubadən ayrıldım. Nolur şamü səhər ney tək sızıldar sineyi-zarım, Mərizi-bəstəri-hicrəm, dəmi-İsadən ayrıldım. Fəraqın şiddətindən lal olur bu Tutiyi-təbim, Məzaqim təlxdir kim, ləli-şəkkərxadən ayrıldım. Qəzəli-farsi: Şəbi bexab ke, əkse-cəmale-ruyi-to didəm, Ze kaenat təəlloq be hər ke bud boridəm. Qəsəm beruye-to kərdəm ke coz to yar nəcuyəm, Behuriyane-behişti əgər dəhənd nəvidəm. Hənuz əz meye-vəslət payilei nəkeşide Ze dəstə saqiye-hecran çe zəhrha ke çeşidəm. Omide-zendegiyəm bud abe-tiğe-to xordəm, Həvaye-vəslə-toəm bud ferqəte-to qozidəm. Rəqib əz mənəş azordeəst mən ze rəqibəş, Dəriğ ku bemoradəş resido mən nəresidəm. Becorme-anke məra del beğeyre-dust nəbəstəm, Koşənd biqonəhira nədidəm, nəşenidəm. Bəsi ze vəsfe-ləbət qofteənd leyk kəsira Dər in romuz ço Tuti hərife-hərf nədidəm.[1] [1] Tərcüməsi: Sənin çamalının əksini yuxuda gördüyüm geçədən Dunyada hər kimə ki, bağlı idim, ondan əlaqəni kəsdim. Sənin üzünə and içdim ki, əgər behişt hurilərinin sorağını-- Versələr də, səndən başqa yar axtarmayım. Hələ sənin vüsal şərabından piyalə başıma çəkməmiş Hiçran saqisinin əlindən nə zəhərlər daddım!… Yaşamaq ümidində idim, amma sənin qılıncının suyunu içdim, Vüsalının arzusunda idim, amma ayrılığını seçdim. Rəqib onu məndən inçitmişdir, mən də onu rəqibdən, Əfsus ki, o, muradına çatdı, mən isə çatmadım. Mən dostdan başqasına urək bağlamadığım təqsirilə Bir günahsızı öldürsünlər heç yerdə görmədim və eşitmədim…. Sənin dodağını çox vəsf eləmişlər, amma bir kəsi Bu rəmzlərdə Tuti kimi söz hərifi görmədim. * * * Fətəli xan "Müştəri" təxəllüs Quba və Səlyan hakimi Fətəli xan ibn Hüseynəli xan Molla Pənah Vaqifin və Hüseyn xan Müştaqın müasiri olub. Onun alim, şair və sahibi-tədbir bir vücud olduğu tarixdə yazılıbdır. Fətəli xan hicrətin 1157-ci sənəsində ki, tarixi-məsihiyyənin 1741-ci ilinə mütabiqdir, atası Hüseynəli xanın vəfatından sonra Quba və Səlyanda xan olub, öz təvabe və rəayasını gözəl vəch ilə idarə edərmiş, ürəfa və şüəra silkinə himayət göstərib özü də şer deyərmiş. 1172-ci tarixdə Dərbənd camaatı Nadir şahın qətlindən sonra özləri intixab və təyin etdikləri Məhəmməd Hüseyn xandan narazı olub onu əzl etdilər və Dərbənd xanlığını Fətəli xana təslim elədilər. Fətəli xan durbin, aqibətəndiş və ziyadə cürətli bir vücud olduğundan Quba, Səlyan və Dərbənd hakimliyini artıq məharətlə idarə edərmiş. Hicrətin 1181-ci sənəsində şəkili Hüseyn xan Müştaq ilə dostluq əlaqəsi qoyub, onunla müttəfiq qoşun götürüb Şirvan üstünə hərəkət eləyiblər. Bu niyyətlə ki, onu zəbt edib aralarında təqsim qılsınlar. Vəli bir vaxtdan sonra bunların mabeynində bürudət və ədavət vüqua gəlibdir, əzbəs ki, Fətəli xan Hüseyn xan Müştaqın da hissəsini qəsb etmişdi. Fətəli xan Müştərinin əşarından bir şey tapa bilmədik. Xatəmində yazılan şer onun öz kəlamıdır: Neveşte bər səfahate-fələk bexəttə-cəli, Bedəhr şəqqe qoşa şod livaye-Fəthəli. [1] [1] Tərcüməsi: Fələyin səhifələrinə parlaq xətlə yazıldı, Dünyaya Fətəlinin bayrağı qanad açdı. Ömrünün axırında yazdığı mənzumat--ki, burada dərc olunur,--Mirzə Həsən Əlqədari əfəndinin "Asari-Dağıstan" adlı kitabından götürülübdür. Kəlami-Fətəli xan ibn Hüseynəli xan "Müştəri" təxəllüs: Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa, Hər nə qalıb sərf olur indi peşimanlığa. Zülfi-siyəh zövqünə uyma, xətadır, könül, Fariq ikən sən səni salma pərişanlığa. Feyzi-əzəl kafili-tərbiyəti-hal ola, Muri-mühəqqər urar laf süleymanlığa. Manei-ərzi-qəmim heyrəti-didar olur, Mən nə deyim bilməzəm, ah, bu heyranlığa. Nəfxeyi-badi-səba ruhə təravət verir, Çün güzər etmiş səhər sünbülü reyhanlığa. Müştəriyi-dürri-nəzm kimsə deyil, haliya, Dürci-dəhən açma kim, köhərfşanlığa. * * * İbrahim Əfəndi Nicati Nuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar. Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır. Rəsuli-bərhəqqimiz Məhəmmədəl-Mustafa həzrətlərinin şəni-alilərində deyibdir: Sən ol şahi-risalətsən ki, oldun əvvəlül-əşya, Ədayi-xidmətində daim olmuş asiman bərpa. Qüdumi-zati-pakiçün deşənmiş ərzi-gunagun, Qurulmuş üstünə bu nöh rəvaqi-xeymeyi-xəzra. Olur "lövlak"dən məfhum ki, bais olduğundan sən, Neçə min kainatı həqt ədəmdən eylədi peyda. Təcəllayi-naharasa olan ruyində gisuni Görən ixlas ilə əzbər edər "vəlleyl iza yəğşa", Ziyayi-sineyi-safın bəyanidə "ələm nəşrəh" Mükəmməl gözlərinin mədhini sazağ edər inşa. Nə əsəd leyldir ol leyl ki, etdin asiman seyrin, Bu seyrindən edər əbna "sübhanəl-ləzi əsra" Büraqi-bərq rəftar ilə yetdin "qabi-qövseynə", Bil, ondan keçməyin izhar edər məzmuni-"ovədna". Bulub feyzin, olub aşiq, qalıb heyranü sərgərdan, Dolanır başına daim onun çün günbədi-mina. Hümayun bəxti-fərruxfal sən tək puri-dilcuyi Nə hərgiz görməmiş Adəm, nə əsla doğmamış Həvva. Görülmüş möcüzatın çox edəndə xəsmini ilzam, Biri Qurani-baqidir ki, oldur ayəti-kübra. Nə həddi var edə mədhin, Nicati, naqisu asi -- Ki, nəti-zatına nazil olub "Yasin" [ilə] "Taha". * * * Kərim ağa Fateh Kərim ağa ibn Fətəli xan "Fateh" təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası — Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş. Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci salında Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu. Fətəli xanın fərzəndi-ərcüməndi Kərim ağa atasının təhti-himayətində nəşvü nüma tapıb, gözəl təlim və tərbiyə almışdır. Fars və ərəbcə yaxşı savadı var imiş. Təbi-səlim sahibi imiş. Өzləri əhli-kəmal və sahibi-hal olduğu üçün üləma sinfini, üdəba və şüəranı ziyadə dost tutarmış və müdam məclisini onların vücudu ilə müzəyyən qılıb həqiqi xan tərzində güzəran edərmiş. Kərim ağa Fateh hicrətin 1274-cü tarixində Nuxa şəhərində yetmiş beş sinnlərində vəfat edibdir. Fatehin öz əsərlərindən cəm olunmuş mükəmməl bir divanı vardır və lakin təb olunmamışdır. Əsərlərinin çoxu fars dilindədir; türkcə olanları bunlardır ki, dərc olunur. Peyğəmbərimiz Məhəmmədəl-Mustafa səlləllahü əleyhin mədhində demişdir: Düri-dəryayi-rəhmət, gövhəri-kani-vəfadır bu! Güli-gülzari-izzət, sərvi-baği-istəfadır bu! Şəhi-bəzmi-nəbüvvət, sərvəri-mülki-risalətdir, Mahi-bürci-şərəf, xurşidi-övci-ənbiyadır bu! Qılan cəngi-günahı pak kim, abi-şəfaətlə, Məhəlli-lütfi-həqq, danayi-sirri-kibriyadır bu! Edib dini-mübini aləmi-rəşki-İrəm mülki, Salıbdır rəxnələr kəffarə, şəri-Mustafadır bu! Fəzayi-məqdəmi təqbili-əşrafi-məlayikdir, Türabi-bargahi qibləgahi-övliyadır bu! Vücudunda əyan ayati-həq ərbabi-idrakə, Məqami-qürbdə ayineyi-vəhdətnümadır bu! Kəlami-əltəfi məxluqə rəhmət olmağı bişək, Vücudi-əşrəfi dünyayə şəmi-pürziyadır bu! Son ol valacənabın zikrini qıl hər dəm, ey Fateh -- Ki, dərd əhlinə zikri daima eyni-şəfadır bu! Qəzəli-Fateh: Gətir qəm dəfinə kim, badeyi-gülrəng, ey saqi, Könül ol gülrüxün ləli-ləbinin oldu müştaqi. Düşüb səhralərə nəxcir çeşmin mübtəlasilə, Geyik tək dərbədər kim, həm olub vəhşilər ortaqi. Gözüm mərdümləri seyli-sirişkin payimalıdır, Vətən bir kimsə qılmaz, hər məkan olsa su oynaqi, Əcəbdir mey içib şəhdi-ləbindən zəhr peydərpey Siyəhtalelərin dönmək rəvadır zəhrə tiryaqi. Məni-divanə bənd oldum səri-zülfün həvasində, Cünun əhli olur, əlbəttə kim, zəncir dustaqi. Təbibə eylədim izhar dərdim, söylədi bilmən, Əlacı yoxdur ol zəxmin, dəyibdir qəmzə qeynaqi. Könül dağın nihan əğyardən qıl, əbsəm, ey Fateh -- Ki, görməzsən, nihan qılmış qərasın lalə yapraqi? Mərhum Kərim ağa Fatehin burada təstir olunmuş hər iki əsəri onun alim və sahibi-təbi-səlim olduğunu göstərir. Əvvəlinci kəlam — ki, Fateh peyğəmbəri-valatəbarımızın şəni-aliləri vəsfində deyibdir,--Nabi əfəndinin kəlamına bənzəyir. Onun ikinci kəlamı müasiri olan Qasım bəy Zakirin kəlamına oxşayır. Əfsus ki, Fateh türk dilində başqa əsərlər vücuda gətirməyibdir; gətiribsə də, onlardan bizim əlimizə düşəni olmadı. * * * Kərbəlayı Abdulla İbn Cani Kərbəlayı Abdulla Şuşa şəhərində təvəllüd edibdir. Sahibi-mərifət və əhli-hal bir zat olduğu üçün ümumi-əyan və əşrafi-vilayət içrə əziz və möhtərəm tutularmış. Əxlaqı xoş, xasiyyəti gözəl, təbi-şeriyyəsi rəvan və səlis İbn Canı məclislər zinəti və məhfillər yaraşığı əziz bir vücud imiş. Cümlədən artıq onun xatirini mərhum Cəfərqulu xan "Nəva" təxəllüs və Qasım bəy Zakir müraat edərlərmiş. Bədihəguluqda mislü manəndi öz əsrində yox imiş. Güzəranını ticarət ilə keçirərmiş, amma məşğuliyyəti əksər övqat məşşaqlıqda (kimyagərlikdə) keçirmiş. Vəfatı Şuşa şəhərində hicrətin 1255-də 59 sinndə vaqe olubdur. Kərbəlayı Səfi "Valeh" təxəllüs ilə dost imiş və aralarında zarafat var imiş. Bir-birinə lətifə və həzl yolu ilə baməzə şerlər yazarlarmış. Belə ki, mərhum Valehin Kərbəla ziyarətindən müraciət etdiyi əsnada ona yazmışdır: Ey Səfi, Şah Nəcəf kuyi sənə məskən ikən, Niyə ol rövzəni tərk etdin, əgər adam idin?! Gün kimi olmadı yarın səri-kuyində yerin, Sən məgər əhli-vəfa bəzminə naməhrəm idin? Süst rəyin səni məhrumi-vüsal etməz idi, Rəhi-eşq içrə əgər sabitü müstəhkəm idin. Qürbi-övladi-Əlidir səbəbi-rəhməti-həq, Sən ki, mənidə məgər cahili-layələm idin?! Kəhfin əshabını tərk etmədi səg bir saət, Sən ki, insan idin, əhməq, məgər itdən kəm idin?! Adəm olsaydın əgər şövq ilə ta şamü səhər Yar kuyində sədaqətlə gəzən həmdəm idin. Müstəqim olsa idi eşq ilə təbin daim, Həlqə tək dərgəhi-mövladə bəsi möhkəm idin. Dəsti-ixlas ilə canan ətəyin tutsa idin, Şərəfi-rütbədə sultani-qamu aləm idin. Qənbəra, Valehi mən etmə ki, bəs biqəmdir, Sən dəxi cahil əgər olsa idin, biqəm idin. Kərbəlayı Səfi Valeh bunun cavabında kuyi-Kərbəladan və dərgəhi-həzrət Əlidən müraciət etməsini bəyan edib Kərbəlayı Abdulla Canızadəyə tən etməklə belə bu şerləri yazmışdır. CAVABİ-VALEH Nə səbəbdən Səfi məhrumi-dəri-Heydərdir, Kim bilir pərdədəki zişt və ya zivərdir. Mən əgər feyzü hünər cahiliyəm, lən mənə, Yoxsa lənət sənə gəlsin, bu nə böhtan, şərdir?! Səfinin ziddi əzazili-əzəl Abdulla, Ona baş əymədi, lənət oxunur, müztərdir. Ol əbucəhl rəsulun nəyin əksildə bilir, Daima xübsi-nəbi dildə onun əzbərdir. Neçə kafir də ki, peyğəmbərə əbtər dedilər, Elmi-təhqiqdə olar şimdi özü əbtərdir. Arşına əlli güzər and içəni gör ki, mənə Elə söylər ki, görən der özü peyğəmbərdir. Sənin atan ki, tanırsan onu yaxşı məndən, Siyrəti-zahirə baxma, ürəyi əntərdir. İbrahim xanın kərimeyi-nəcibəsi Gövhər ağa təmir etdirdiyi cameyi-şərifin tarixində inşad etmişdir: Baniye-məmləkəte-Şişe ke, dər heşməto cah Təne zəd qobbeye-təxtəş besəra pərdeye-mah, Yəni salare-fələk şoukəte-Ebrahim xan-- Ke, dərəş bər həme xanane-cəhan bud pənah. Qouhəri daşt derəxşəndevo firuz ke, bud Pərtove-mahe-roxəş bər səre-xorşid kolah. Baniye-məscedo mehrab şod an qouhəre-pak, Əhle-ferdouse-bərin comle bər in gəşt qovah. Qələme-əhle-doa zəd rəqəme-tarixəş: "Bad peyvəste gohər dər sədəfe-lotfe-ilah". [1] [1] Tərcüməsi: Şuşa məmləkətinin banisi ki, əzəmət və cah-çəlalda Onun taxtının qubbəsi ayın pərdəsinə tənə vururdu, Yəni fələk təmtəraqlı sərkərdə İbrahim xanın ki, Qapısı dünyanın bütün xanlarının pənahı idi, Bir parlaq gövhəri vardı. Onun ay üzünün şüası künəşin başına papaq idi. O pak Gövhər məsçid və mehrabın banisi oldu, Yüksak behişt əhalisiiin hamısı buna şahid oldu. Dua əhlinin qələmi onun tarixini yazdı: "Bad peyvəstə Gühər dər sədəfi-lütfüllah". (Allahın Kərəm sədəfində Gövhər daimi olsun). Axırıncı fərdin ikinci misrasından əbcədi-kəbir hesabı ilə belə məlum olur ki, Gövhər ağayi-mərhumənin bina etdirdiyi məscidin itmamı tarixi-islamın 1248-ci sənəsində vaqe olubdur. Gövhər ağa nə qədər şairin xatirini əziz tutar imişsə də, axırda cüzi bir əhvalın vüquundan mükəddər olub şairdən incimişdir. Şair Aşıq Qənbər və ya "Riyazül-aşiqin"in müəllifi Məhəmməd ağa Müctəhidzadənin yazdığına görə, Kərbəlayı Qəhrəman ismində başqa bir şair Gövhər ağa kimi vəcihə və zərifə bir gözəlin Xankişi bəy kimi elm və mərifətdən bibəhrə bir vücuda əqdi-nikah olunmasından rəncidə və mütəğəyyir olub, bu fərdləri Xankişi bəyin haqqında demişdir: Xərmöhrəyə layiq olmayan xər, Səd heyf, cahanda tapdı Gövhər. Təqdiri-qəzayə qıl tamaşa, Axır səni verdi cəhrə başa. Bu şerlər Gövhər ağanın səminə yetişdikdə mərhum Kərbəlayı Abdullanı çağırıb ondan qeyz ilə təfəhhüs etmiş ki, nə üçün onun şövhərini belə bədnam edibdir. Şair aşağıda yazılan şerlər ilə üzrü bəhanə gətirib özünü safa çıxartmışdır: Ağa, bexodavənde-təalavo yeqane Əsla xəbərəm nist əz in nəqlo fəsane. Dirist ke, mən hiç nəquyəm soxən, əmma Quyənd benaməm soxən əbnaye-zəmane. Şəhbaz təzərvi ke, beçənqal dər arəd, Avaz bər arəd həme qonceşke-səmane. [2] [2] Tərcüməsi: Ağa, böyük və yeganə allah haqqı Bu söz-söhbətdən əsla xəbərim yoxdur. Çoxdandır ki, mən heç danışmıram, amma Zəmanə adamları mənim adımdan danışırlar, Qartal bir qırqovulu çəngəlinə alanda Göydəki bütün sərçələr qışqırmağa başlarlar. Mərhum Mirzə Həsən ona yazdığı bir məktubun cavabında Canızadə onu belə tövsif etmişdir: Həsəna, sahebe-vəchol-həsəna, simtəna, Dər qolestane-vəfa taze qolo yasəməna, Raqeme-dəftəre-şahi bedəbestane-kəmal, Məzhəre-dorre-məani benezame-soxəna, Vəqte-təhrire-romuzate-horufate-xotut Ənbərəfşan qələmət bər səre-moşke-xotəna. Aftaba, qəməra, dəsteqole-taze-təra, Taqəte-tabe-dela, munese-ruhol-bədəna. Məskənət kəşt Şəki bişəko bişobhevo reyb, Toi dər şəhre-Şəki mahe-zəmino zəməna. Nameət vasele-ma, hasele-ma gəşt sorur, Beməqalate-ləbe-tutiye-şəkkər şekəna. Çe rəva Yusefe-ma dur şəvəd əz bəre-ma, Həmço Yəqub şəvəm sakene-beytol-həzana. Çe rəva del şəvəd əz atəşe-əndişe kəbab, Mən dər in Şişe konəm gerye, şəvəm nalezəna, Ey nesare-qədəmət qohəre-dordaneye-əşk, Vey fədaye-to şəvəd cane-cəhan dər bədəna. Çon səre-zolfe-to soudaye-ğəmət dər səre-ma, Hale-ma şamo səhər həst pərişanşodəna. Ya bekoş, ya besərəm saye fekən bər səre-rah, Ya bequ aşeqe-sərgəşteye-eşqəm be məna. Yəni moştaqe-toəm, hobbo səna mixahəm-- Ke, resi sən be məna, ya berəsəm mən besəna. [3] [3] Tərcüməsi: Ey Həsən, ey gözəl sima sahibi, ey gümüş bədənli, Ey vəfa gülüstanının təzə gülü və yasəməni, Ey kamal məktəbinin şahanə dəftərinin yazanı, Ey söz nəzminin mənalı dürrlərini aşkara çıxaran, Ey rəmzləri, sətirlərin sözlərini yazanda Qələmi Xita müşkünun üzərinə ənbər saçan, Ey günəş, ey ay, ey təzə gül dəstəsi, Ey ürəyin taqəti, bədən ruhunun munisi, Şəksiz-şübhəsiz, sənin məskənin Şəki oldu, Şəki şəhərində yerin, köyün ayı sənsən. Ey sözləri gözəl danışıqlı tutiyə bənzəyən, Sənin məktubun bizə çatdı, çox şad olduq. Nə rəvadır ki, bizim Yusifimiz mənim yanımdan uzaq olsun, Mən də Yaqub kimi beytul-həzəndə sakin olum? Nə rəvadır ki, ürək fikir odundan kabab olsun, Mən də Şuşada ağlayım, nalə eləyim? Ey qədəminə durlü göz yaşlarım səpilən Və ey sənə bədəndə olan dünyanın canı qurban olan, Sənin zülfünün və qəminin sevdası başımızda olduğundan Halımız səhər-axşam pərişandır. Ya öldür, ya başımıza yolüstü bir kölgə sal, Ya da mənə de ki, eşq avarəsinin aşiqiyəm, Yəni sənin həsrətindəyəm, məhəbbət və nəvaziş istəyirəm-- Ki, ya sən mənə çatasan, ya mən sənə. Mərhum Cəfərqulu xanın məhbusvar Qarabağdan Tiflisə göndərilməyi babında aşağıda yazılan müxəmməsi inşad qılmışdır: Ah kim, qalmadı can cismdə canan gedəli, Oldu hər yerdə ki, canan gedəli, can gedəli, Tutdu zülmət göz evin şəmi-şəbistan gedəli, Oldu viranə könül kişvəri sultan gedəli, Yəni sərdari-cahan, sərvəri-dövran gedəli. Gül üzün görməyəli olmadı xəndan güllər, Şəm odlara yanıb, başına qoydu güllər, Zülfi sövdası ilə dərhəm olub sünbüllər, Necə fəryadü fəğan eyləməsin bülbüllər-- Ki, olub xar ilə həmdəm güli-xəndan gedəli. Çərx rəhm eyləmədi dideyi-giryanımıza, Qoydu həsrət bizi ol şəmi-şəbistanımıza, Atəşi-hicr ilə od saldı bizim canımıza, Sancılıb navəki-qəm sineyi-suzanımıza, Guşeyi-çeşmdən ol kipriyi peykan gedəli. Çıxdı çün Şişədən ol mahliqa misli-gülab, Şişə əhlinə bu vəch ilə həram oldu şərab, Sındı başlarda həva şişəsi manəndi-hübab, Oldu aləmdə fərəh gülşəni bilmərdə xərab, Üzü gül, kakili sünbül, xəti reyhan gedəli. Çəkəli bəzmdən ol ləbləri meygun ətəyin, Doldurub qan ilə sağər dili-pürxun ətəyin, Əşk seylabı tutar aşiqi-məhzun ətəyin, Nola fəryadü fəğanım tuta gərdun ətəyin-- Ki, qara oldu günüm ol məhi-taban gedəli. Mənəm ol qümriyi-miskin ki, salıb aləmə səs, Sərv gu-gu deyərəm hüzn ilə ta qəti-nəfəs, Abü danəm ələmü qüssə, yerim künci-qəfəs, Bir zaman eyləməzəm seyri-gülüstanə həvəs Səhni-gülzardən ol sərvi-xuraman gedəli. Məqsədim rövzeyi-kuyində budur şamü səhər-- Ki, bula feyzi-vüsalında ziya dideyi-tər, Ola xaki-qədəmin sürmeyi-ərbabi-bəsər, Qılasan gülşəni-kuyində olan murə nəzər, Görəsən kim, necədir halı Süleyman gedəli. Əyzən müxəmməsi-Kərbəlayı Abdulla İbn Canı: Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq, Məstü sərxoş gözünə qarşı yaman gözlərə ağ, Olmasın xaki-dərin guşeyi-çeşmindən iraq, Ləblərindən dəhənim dərdə dəva etdi soraq, Söylədi: ağzıma innabi-ləbü sibi-buxaq. Baxdı mərdüm üzünə, saldı nəzərdən ayi, Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi, Qədrü qiymətdə deyil ləl ləbin həmtayi, Həvəsi-zülfi-siyahınla olub sövdayi-- Ki, çəkib silsileyi-kakili-tərrarə daraq. Görünür çöhrələrin laləyə gülgun, gülə al, Qoymadı al ilə ruyin dili-ayinədə hal, Sürmeyi-şux gözün fitnəyə saldı filhal, Qıldı izhari-şərəf Kəbeyi-ruxsardə xal, Vərəq üz sürtdü qədəmgahına gülgunə yanaq. Kakilin şanələnir zinəti-duş etmək üçün, Xoş gəlir xəlqə ləbin hərfi nüyuş etmək üçün, Dil dilər şərbəti-göftarını nuş etmək üçün, Xəlqdən vəsfi-bənaguşunu guş etmək üçün, Bəhr açdırdı sədəfdən düri-qəltanə qulaq. Gül xitab etsə sənə, qönçə ona eylə itab, Qönçə kimdir ki, sənə qarşı durub verə cavab, Baxsa hər dəm üzünə şərmdən olmazmı gülab, Nədir ayinə görən dəmdə səni eyləyə tab, Əksi-ruxsarın ona olmasa mənada dayaq?! Dursa ayinə, müqabil üzünə qılsa nəzər, Ona üz vermə, nəzərdən sal onu şamü səhər, Razədən qoyma ola dövri-yənağında əsər, Vəsməvü sürmə gözü qaşına meyil etsə əgər, Sürməni seyrə salıb vəsməyə qıl qaş-qabaq! Hüsnünə aşiqi-sadiq demə hər gümrahi, Aşiq oldur yaxa çərxi dili-atəşgahi, İmtəhan eylə şəbi-hicrdə Abdullahi Şöleyi-ahına gər yanmasa çərxin mahi, Tiğ çək, başını kəs, şəm kimi atəşə yaq. Əyzən kəlami-İbn Canı: Ey iki gözüm, qıl belə şahbazə tamaşa, Mövsümdü, güşad et iki dərvazə tamaşa, Bu nazu nəzakətdə sərəfrazə tamaşa. Gör necə gözəldir, Məhbubi-əzəldir, Leylayə bədəldir, Məcmuyə məhəldir. Xoşbuyə tamaşa, Ahuyə tamaşa, Giysuyə tamaşa, Əbruyə tamaşa. Xəncər nəkəradır, hər yarəsi göyçək, hər muyə tamaşa, Xoşsövt, xoşəlhan, xoşavazə tamaşa, Könlüm quşu, pərvaz elə, pərvazə tamaşa. Ey bülbüli-can, çıx belə, rəftarına bir bax! Qıl seyrü səyahət, gülü gülzarına bir bax! Yüz canalıcı işveyi-ruxsarına bir bax! Gör kim necə candır, Can içrə nihandır, Mənzuri-cahandır, Hər qəmzəsi qandır, Mən öldüm, amandır! Şirin dilə bir bax! Nazik belə bir bax! Şümşad ələ bir bax! Mişkin telə bir bax! Ənbər nəkəradır, Kövsər nəkəradır, Ruxsarəsi göyçək, Getmə, hələ bir bax! Heyvasinə, şəmmaməsinə, narinə bir bax! Qoynunda nə əlvan bəzənib tazə-tamaşa. Bir gözləri xummar, zənəxdanı əcayib, Bir dişləri mirvaridi, rəxşanı əcayib, Bir təngdəhan, qönçeyi-xəndanı əcayib. Gör bu nə ədadır, Canım nə fədadır, Bir huriliqadır, Pürcövrü cəfadır Ya nuri-xudadır, Əxlaqı əcayib, Durmağı əcayib, Buxağı əcayib, Dodağı əcayib. Mərmər nəkəradır, Gövhər nəkəradır, Nəzzarəsi göyçək, O taqi əcayib. Ey dil, edəsən kəsb bu meydanı əcayib, Təfsili-bahar oldu, buyur yazə tamaşa. Bu sərvqədin qaməti-rənası da xoşdur, Şahbazsifət zülfi-mütərrası da xoşdur, Durna kimi həm gərdəni-minası da xoşdur. Ya nəcmi-dürərdir, Ya şəmsü qəmərdir, İksiri-nəzərdir, Yandım, nə xəbərdir?! Baxması da xoşdur, Sövdası da xoşdur, Zibası da xoşdur, Əzası da xoşdur, Əxgər nəkəradır? Məcmər nəkəradır? Həm arəsi göyçək, Beyzası da xoşdur. Gəl, indi sən et bu yerişə, nazə tamaşa! Yüz püstələbü ləli-Bədəxşan buna peşkəş! Yüz laləüzar afəti-dövran buna peşkəş! Cümlə nə qədər var isə xuban, buna peşkəş! Bu hurü mələkdir, Qılmanə köməkdir, Bu simbiləkdir, Rizvan nə deməkdir?! Rizvan buna peşkəş! Bostan buna peşkəş! Reyhan buna peşkəş! Cövhər nəkəradır? Həm zər nəkaradır? Xunxarəsi göyçək, Bu can buna peşkəş! Abdulla kimi neçə qəzəlxan buna peşkəş! Dur, söhbəti-meyxanəyə gəl, sazə tamaşa! Kərbəlayı Abdulla Canı oğlunun burada təhrir olunan əşarından başqa bir çox qəzəliyyat və rübaiyyatı və xüsusən, bədəfal müasirlərinin zişt kirdarlarına dair həcviyyatı və gözəl müxəmməsatı və əşari-müstəzadı vardır ki, onların buraya küncayişi yoxdur. Mərhumun həcv deməkdə manəndi yox imiş. Ol səbəbdəndir ki, Zakir əleyhirrəhmə üləma zimnində tənzim qıldığı kəlami-abdarında Baba bəyi və Canı oğlunu təəssüflə yad edib, bu şerləri haqlarında yazmışdır: Yaxşı həcv eylər idi bu dəmin adəmlərini, Sağ gər olsa idi indi ol İbn Canı. Rişteyi-təbimə yox tab verən, çərx, əfsus Eyləyib xak ilə yeksan qədi-Babani. Getdi həmdərdlərim, bisərü saman qaldım, Bu ribati-kühənin yoxdu sərü samani i.a. * * * Kazım ağa "Salik" təxəllüs Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, ona indi Şamxor deyilir. Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini bina etdiribdir və şair,--necə ki, fövqdə zikr olundu,--haman qəryədə vücuda gəlibdir. Bu halda şıxlinskilərin bir parası Qazaxlıda və bəziləri Şıxlı kəndində sakindirlər. Öz əsil və nəsəbi barəsində şair Tuba adında bir sevgilisinin mədhində yazdığı şerdə deyibdir: Zəhi Tuba ki, xurşidə xəcalət göstərir hər gah, Niqabın salsa ruyindən, başından həm sərəndazi. Nə mətləb istər idim hasil olurdu o dilbərdən, Xudavənda, kəm etmə el içindən ol mühümsazi. Adım Kazım, vəli "Salik" ləqəb, şerdə məşhurəm-- Ki, övtanım kənari-Kür, şikargahım Qarayazi. Binayi-bixi-nəxli-əslimiz Şəmkirdir əmma, Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi. Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan, Şıxlı qəryəmizdir, həm biziz ol qəryə ezazi. Vəli min iki yüz qırx dördə gəldi tarixi-hicri-- Ki, üç yüzdən keçibdir nəslimiz, oldur çoxu azi. Sənə, Salik, nə xidmət hasil oldusa o dilbərdən, Yəqinimdir ki, hərgiz etmədin təxirü iğmazi. Kazım ağa ziyadə qabil, fəhmi iti və zehni güşadə bir vücud imiş ki, hər şeyin əsil və mahiyyətini bilmək onun cibilli xasiyyətindən imiş. Şairin öz vaxtına görə yaxşı elmi var imiş. Türk dilini bildiyi kimi, fars dilini də mükəmməl bilirmiş və o dildə abdar şer və qəzəlləri mövcuddur. Türk dilində yazdığı əsərlərin cümləsi nəzm ilədir. Şeri və qəzəlləri mövzundur. Salik dünyada altmış bir sənə ömr edibdir. Tarixi-vəfatı qəbir daşı üstündə yazılıbdır; 1258 (1842)-ci sənədə dari-bəqaya rehlət edibdir. Rus şairlərindən Puşkinin və Lermontovun müasiri imiş. Qarabağ şairi Mirzəcan bəy Mədədov ilə irsal-mərsulu var imiş. Bir şerində onu tərif edib deyir: Sənsən cahanda fikri-bikr ilə misli-Məryəm, Nola çıxarsa şerin İsa tək asimana. Əhibbalarından knyaz Palandova--ki, o vaxtı Qazax mahalının hakimi imiş,--yazdığı bir kəlamında şüərayi-Azərbaycandan bəzilərini belə tərif və tövsif qılmışdır: Sənə daim işim xeyir-duadır, Əgərçi saxlayan xəlqi xudadır. Dəmadəm bülbüli-təbim sədası Səhərgahan sənə mədhü sənadır. Oxu şerimi, ey məxdumzadə, Bilirsən ancaq ixlasım sanadır. Xudavənda, Palandovun səxasın Füzun et kim, mənim dəstim onadır. Ədalət, həm hidayət ver ona, çün-- Ki, məlcəi-məsakinü gədadır. Qamu aləm bulub ondan məramın, Nə tənha şəfqəti ancaq manadır. Kəmalü rifəti-Şirvan məlum, Maarif mədəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda, Biri Ağabəyü Mirzə Babadır. Biri "Qüdsi" ləqəb Abbasqulu bəy, Diyari-nəzmü şerə padişadır. Qazax içrə olub şairlər, əmma Əsami onların biintəhadır. Biri Vaqif ki, məşhuri-xəlayiq, Gözəl mədhində məlumi-şümadır. Biri xəstə Vidadi, təbi mövzun-- Ki, bəhri-nəzmü şeri cabəcadır. İlahi, ol iki məğmum pirin Günahi dərdinə səndən dəvadır. Biri "Şair" ləqəb məzlum şair, Xədimi-padişahi-Kərbəladır. Biri Arif, kona cövr etdi dövran-- Ki, qürbətdə şəhidü mübtəladır. Xudavənda, qulundur Əbdürəhman, Tarəhhüm qıl biri çün Mustafadır. Məhali-Borçalıdan şair olmaz, Çıxan bir Şəmsədinlidən Cəladır. Bunun tək Qələlidən gəldi Rizvan, Kəlamü nüsxəsi behcətnümadır. Biri Sadiq, biri Kazım, xülasə; Oların ismi ismi-evliyadır. İki dostun arasında ədavət Büruz etmək nə rəsmi-aşinadır? Əbubəkrü Ömər, Osman came, Dəxi püştü pənahım Mürtəzadır. Qəzəl söylə ki, olsun yadigarın, Qəzəl şərh et ki, bu dünya fənadır. Gəl əl çək, Salika, hərcayi sözdən, Deyərlər ki, sənə bəy bihəyadır. Sənə layiq deyil bihudə sözlər, Sənin təbin ki, bundan masəvadır. Kazım ağanın bu kəlamı onun gözəl kəlamlarından birisi olub, məzmunca dəxi bunun bir çox sair əsərlərinə tərcihi vardır. Şair öz əsrinin üdəba və şüərasını kəmali-ehtiram ilə yad edib, hər birisini özünəməxsus sifətlə zikr qılır, mərhum Abbasqulu ağa Bakıxanovu diyari-nəzmü şerə padşah bilir: Biri "Qüdsi" ləqəb Abbasqulu bəy, Diyari-nəzmü şerə padişadır. Kəlamın axırında, səbəb nə olubsa, Kazım ağa tövsəni-təbinin başından cilovu çıxarıb, bir neçə namünasib sözlər söyləyibdir ki, onların məcmuəmizə sığınacağı yoxdur. Şair özü də filfövr peşman olub deyir: Gəl əl çək, Salika, hərcayi sözdən, Deyərlər ki, sənə bəy bihəyadır. Sənə layiq deyil bihudə sözlər, Sənin təbii ki, bundan masəvadır. Knyaz Palandov, Salikin yazmağına görə, bir mürüvvətli və adil divanbəyi imiş ki, onun aqilanə tədbir və binagüzarlığı ilə xeyli bəd və bihesab işlər qət olunub, camaat əmnü asayiş üzrə dolanarmış. Necə ki, şair onun haqqında deyibdir: Beborid paye-dozdi dər vadiye-şərarət, Xun miçekənd dəmadəm əz xəncəre-ədalət. [1] [1] Tərcüməsi: Şərarət vadisində oğruların ayağını kəsdi, Ədalət qılınçından daim qan damar. Salikin başqa bir kəlamından belə anlaşılır ki, o vaxtlarda oğurluq, yol kəsməklik və çapovul həddən aşıbmış. Qazax mahalında doğruluq və düzlük bilmərrə yox imiş və oğruların ədədi o qədər çox imiş ki, ölünün kəfənini soyarlarmış. Necə ki, şairin sözü buna dəlalət edir: Ze besyare-dozde-kəce-rahzən Ke, bordənd nagəh ze morde kəfən. [2] [2] Tərcüməsi: Nəhs, yolkəsən oğruların çoxluğundan Bəzən ölünün kəfəni də oğurlanırdı. Bu şuluqluq vaxtları Qasım bəy Zakir Qarabağinin oğrulardan şikayət etdiyi zamana təsadüf edir. Belə ki, Zakir də oğrulardan şikayət edib deyir: Qarabağda nə day qaldı, nə dana, Bu gün, sabah hərə qaçar bir yana…. i. a. Salikin hər qisim kəlamları vardır. Cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır. Onlardan öz vətənimizin, millətimizin və lisanımızın gözəl və canbəsləyən rayihəsi hiss olunur. Salikin mürəbbeat növündə yazılmış şerləri lətafət və sadəlikdə Vaqifin və Vidadinin qafiyələrindən əskik deyil. Gözəl vəsfində olan qafiyələrindən bir neçəsi burada nümunə üçün yazılır: Ey şahin cilvəlim, şunqar şivəlim, Durna tək tellərin cığalanıbdır. Xəstə könlüm onu görəndən bəri Çıxıb asimana, havalanıbdır. Ey ləbləri nabat, dəhanı püstə, Çəkər həsrətini bu dili-xəstə, Xal deyil görünən ağ sinən üstə, Bir Quran hərfidir, qaralanıbdır. Demə ki, sevdiyim səni nihandır, Sənə aşiqliyim xəlqə əyandır, Deyibsən: busəmin qiyməti candır, Almaq üçün bir az bahalanıbdır. Çox da məndən kənar gəzmə, ay pəri, Sənsən könlüm zövqi, dilim əzbəri, Guşeyi-kuyini bulandan bəri, Dərdi-bidərmanım dəvalanıbdır. Məclislər zivəri gördüyün Salik, Xaqani, Ənvəri gördüyün Salik, Şairlər sərvəri gördüyün Salik-- Gəl gör sənsiz necə gədalanıbdır. Tuba vəsfində: Ey Tuba, baxışın yıxdı aləmi, Xumar gözün yenə qiyamət eylər, Kəbeyi-kuyini görən kimsənə Haşa ki, qibləyə ziyarət eylər. Qırqı başlı, topğun, tərlan cilvəli, Görməmişəm sən tək nazü qəmzəli, Sərasər yaxası qızıl düyməli, Baxdıqca üzünə fəxarət eylər. Zahid baxsa zülfi-pərişanına, Tərk edər məscidi, gələr yanına, Sidqi-dildən canın qatar canına, Huriyü qılmana məlamət eylər. Hər kimsə ki, sənə baxarsa gendən, Bil ki, öyrənibdir o halı məndən, Özgə təvəqqeyim yox əsla səndən, Xəstə Salik sənə zarafət eylər. Bu qafiyələrdə şair gözəl istiarat və təşbihat ilə--ki, məhz türk lisanına məxsusdur,--öz sevgilisi Tubayi-dilfəribi mədh edib, axiri-kəlamda ona güstaxlıq ilə deyir ki, sözlərimdən incimə. Özgə təvəqqe və iltimasım yoxdur, ancaq xəstə Salik səninlə zarafat eləyir. Tubanı bu qisim istiarat ilə şair vəsf qılır: "topğun, tərlan cilvəli", "durna telli", "qırğı başlı", "nazü qəmzəli", "yaxası qızıl düyməli". Söz yoxdur ki, bu sifətlər ilə müttəsif olan dilbər "baxdıqca özünə fəxarət eylər". Pərizad mədhində demişdir: Ey pərizad, nədir yenə qaşların Əyilib ucları, yayə dönübdür? Ay qabağın şölə verir gün kimi, Yanaqların bədr ayə dönübdür. Kəmər kimi sarmaşaydım belinə, Həna kimi üz sürtəydim əlinə, Məgər nabat tökülübdür dilinə, Dodaqların tər halvayə dönübdür?! Sallananda sanasan ki, xan gəlir, Ayinə əndamlı alişan gəlir, Danışanda mürdə cismə can gəlir, Məgər nitqin Məsihayə dönübdür?! Göydə ayı hər dəm nöqsana saldın, Sərgərdanlıq çərxi-dövrana saldın, Yusif kimi məni zindana saldın, Məh camalın Züleyxayə dönübdür. Sənsən axır şuxü şəngi Salikin, Sənsiz qırılıbdır həngi Salikin, O gördüyün gülgəz rəngi Salikin Saralıban kəhrəbayə dönübdür. Çığatay dilində yazdığı kəlamları çoxdur. Onlardan nümunə olaraq bir qəzəli atidə zikr olunur: Quyaş yüzlü nigarın tələtiğə mübtəlaydurmin, Dəxi bir mahi-novğaşlu qəmindən incəlaydurmin. Dü püstanı iki limudurur əmma əlim yetmas, Dutub şol nəxli-əndamin tibindən silkalaydurmin. Bəlayi-firqətində köb cəfavü xəstəlik buldum, Dəvayi-vəslini bulğac bir az şimdi qolaydurmin. Sana gər yaşü təblə dersəm, ey Salik, yeridür kim, Bürünənsin niçün derdin ana aşiq olaydurmin. Aşağıda yazılan müxəmməs dəxi Salikin mövzun kəlamlarından birisidir: Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm, Fəsahət kişvərində bülbüli-şeydanə həsbəndəm, Lətafət mədənində gövhəri-yektayə həsbəndəm, Səbahət aləmində bir mələksimayə həsbəndəm, Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm. Alıbdır əqlimi məndən, edib Məcnunü divanə, Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə. Tərəhhüm eyləməz zalim məni-büsəbrü samanə, Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə, Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm. Tərəhhüm et, məni qılma cahan mülkündə avarə, Məni Məcnun edən sənsən, kim etsin dərdimə çarə? Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə, Xədəngi-tiri-müjganın edibdir sinəmi parə, Büluri-safü simin-gərdəni-minayə həsbəndəm. Qaşın qövsi-qüzehdir, ya hilali-eydi əzhadır, Dü zülfün türreyi-Leyla və ya zülfi-çəlipadır? Üzün gündür və ya atəş və ya nuri-təcəlladır? Ləbin yaquti-biqiymət və ya ləli-Məsihadır? Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm. Olubdur mürği-dil məhbus daim zülf damında, Edər ləlin təmənnasın həmişə şövqi-canında, Əgər küstaxlıq etsəm zarafatlıq məqamında, Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında, Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm. Sərasər cüstücu etsən əgər şövq ilə dünyani, Tapılmaz mən kimi aşiq sənə, ey Yusifi-sani, Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani, Olur ya mətləbim hasil və ya ömrüm olur fani, Riza ver ya ki, cəng eylə ki, mən davayə həsbəndəm. Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva, Edib əşkim məni aləmdə həm bibakü həm rüsva, Alıbdır dinü imanı, edibdir ömrümü yəğma, Bu yolda Salikəm, billah, vurubdur başıma sövda, Nə bakım var bu aləmdə ki, mən üqbayə həsbəndəm. Salik qardaşı Mustafa ağa Arifə onun Rusiyada olduğu zamanı yazmışdır: Agəh et, ey bad, məndən ol vəfalı həmdəmi, Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi, Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmi nəmi, Vaxtdır, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi, Yoxsa bu tufanə sənsiz çarəsaz olmaz gəmi. Hanı Rüstəm Zal, yəni pişvayi-pəhlivan? Hanı ol divi-səfidə vurduğu gürzi-giran? Hanı ol Əfrasiyab, İsfəndiyar qəhrəman? Cümləsin qüllabına çəkmiş fəzayi-asiman, Ləng qılmış sənglax çərx Rəxşi-Rüstəmi. Aləmi təsxirə salmış fitnəvü ali-fələk, Aləmə məlumdur kim, böylədir hali-fələk, Aqilü nadan olubdur cümlə pamali-fələk, Sərvqədlər qəddini əymişdir ol zal fələk, Gör necə zal fələk təsxirə salmış aləmi?! Düşmənidir bu zamanda hər kişi öz canının, Fərqi yoxdur bir-birindən aqilü nadanının, Vay, yüz min vay əlindən ədlsiz dövranının, Dərd üçün heç bir təbibin sudu yox dərmanının, Bu zəmanə zəxminin yox bir müvafiq mərhəmi. Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi, Mərhəmi-vəslət dilər bu tiği-hicran yarəsi, Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi, Olmuşam dəşti-fənadə Arifin avarəsi, Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. 1246 (1830)-cı sənədə İran məmləkətinə vəba naxoşluğu düşmək babında yazdığı müxəmməsdən belə məlum olur ki, haman ildə vəbadan külli adamlar tələf olubmuş və təbiblərin cümləsi bu bəlanın əlaci-dəfində aciz və məyus qalıb onların müalicəsi və üsuli-tədavisi dəxi də mərəzi şiddətləndirirmiş. Salik bu dəhşətli mərəzin vüquunu ol əsr və məkanın əhalisinin haqq yolundan çıxıb küfr və zəlalətə düşməyindən və bu cəhətə qəzəbi-ilahiyə giriftar olmağından görüb demişdir: Min iki yüz çehlü şeşdə düşdü İranə vəba, Eylədi viranə hər bir şəhri bahökmi-qəza, Etdilər cümlə ətibbalər əlacında dəva, Bulmadı bimarı bu dərdin dəvalərdən şəfa, Sən özün saxla bizi böylə bəladən, ya xuda! Bu zəmanə bəyləri çün zülmə mail oldular, Həm qənilər qapısında məni-sail oldular, Oldular əşrarə bais, xeyrə hail oldular, Yıxdılar iman evin, həm əqli zail oldular, Aldılar verdikləri əşyalar üstündən vəba. İçdilər andü qəsəm hər ləhzədə məhz düruğ, Verdilər hər bəzmdə şəmi-düruğə min füruq, Satdılar qatıq yerinə dik içində abi-duğ, Etdilər gərdənkeşanlıq misli-Övc ibni Ənuq, Padşahlıq iddia etdi dəxi hər bir gəda. Nəfsi-əmmara üləma qəlbini etmiş xərab, Mədrəsə içrə müdərris eyləmiş tərki-kitab, Az qalıbdır parsalar eyləyə meyli-şərab, Şahidü şeyxin duası hərgiz olmaz müstəcab, Müxtəsər bu ki, düşüb yümni-icabətdən dua. Bitəharət gəzdilər, həm tutmayıb sövmü səlat, Tariki-qurbanü fitrə oldular, həccü zəkat, İçdilər daim şərabi, sandılar abi-həyat, Bilməmiş kim, təlx eylər kamını zəhri-məmat, Hifz qıl möminləri ol təlxdən, ya rəbbəna! Yar-yoldaş bir-birinə kəşfi-əsrar oldular, Hər nə kim, əvvəl dedilər sonra inkar oldular, İxtiyar sahibləri həm mərdümazar oldular, Xabi-qəflətdən sanasan şimdi bidar oldular, Yıxdılar rəiyyət evin almaq ilə irtişa. Salik dəxi öz müasirləri kimi bir qəzəlində gərdişi-zəmanədən şikayət edib deyir: Fəryad ki, dövranın əyyamı xərab olmuş, Əfsus ki, əyyamın əncamı əzab olmuş. Sultani-cahan cümlə miskin gədalanmış, Dəryayi-firavanə gəl bax ki, sərab olmuş. Pilan şütürlənmiş, üştürlər olub əstər, Şiran şəğalənmiş, şahin qürab olmuş. Saqilər , olub pamal, mütrüblər olub xamuş, Xuni-dili-meyxaran bəzm içrə şərab olmuş. Müftilər olub məğbun, qazilər olub bihökm, Bilcümlə müdərrislər tariki-kitab olmuş. Mərdani-nixukaran olmuş həmə bədiqbal, Əhli-kərami-kamil məhrumi-səvab olmuş. Alimlər olub cahil, cahillər olub alim, Salik dəxi cahillər cəmində hesab olmuş. Zeyldə "Fikr qıl" sərlövhəsilə mərqum qəzəl Saliki-mərhumun dərin məzmunlu əşarındandır: FİKR QIL Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl, Gunə-gunə tər şükufə, laləzarın fikr qıl! Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax. Munca kuhun Bisütuni-bərqərarın fikr qıl! Gah qırağında qərar et, mövc edən dəryanı gör, Gah dərya içrə əyləş, həmkənarın fikr qıl! Əbrü badü bərfü baranın qamusun qıl xəyal, Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl! Gah dərdü qəm verir könlə, gəhi zövqü sürur, Gündə yüz gunə dolanan ruzigarın fikr qıl! Dövlətü mal ilə nadan dəstini qılmış fəraq, Təngdəst etmiş cahanda huşyarın, fikr qıl! Demə kim, quşlar həvadə pər ilə pərvaz edər, Yerdə xoş rəftar edən bipay marın fikr qıl! Kimsə baş açmaz xudanın etdiyi əfaldən, Sirrinə yetməz fərasət, ruyi-karın fikr qıl! Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə, Leyk anı bilməyə qəlbin qubarın fikr qıl! Fikr qılma kim, görüm dünyada ol ayinəni, Hiç kəs görməz bu gün, bəs, ruzi-yarın fikr qıl! Öylə pünhandır ki, pünhanlıqda olmuşdur əyan, Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl. Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər, Əmrinə eylə itaət, zicrü narın fikr qıl! Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr, Etibar etmə cahana, etibarın fikr qıl! Bəli, əgərçi bizim bu tərəqqi əsrində çox şeylərin və əlamətlərin ülumi-mütənəvveə sayəsində künhü mahiyyəti açılıb bilinməkdədir və gün-gündən növbənöv ixtiraat və kəşfiyyat olunmaqdadır və lakin dünyada çox sirrlər və hikmətlər vardır ki, əqli-bəşər onları dərk etməkdə aciz və qasirdir. Kazım ağa Salikin istəkli və həqiqi dostu Salahlı qəryəsindən Sədəfoğlu Süleyman koxa imiş ki, o da xoşxülq, əhli-zövqü səfa bir vücud imiş. Şair xoş günlərini, eyş-işrətini və zövq-səfasını onunla sürərmiş. Bu xüsusda Salikin yazdığı kəlamlar şayani-diqqətdir ki, zeyldə tamamən dərc olunur: Gəl, ey Sədəfoğlu Süleyman koxa, Bu köhnə gülşənin güllərin dərək, Olaq müştərək. Aralıqda mənim-sənin olmasın, Heç kəs bizi ayrı bilməmək gərək, İlla bel, kürək. İlla bel, kürək ki, ayrı olmayaq, Bir də oruc tutub, namaz qılmayaq, Ac və susuz saralıban solmayaq, Badeyi-gülgundan içək bir çərək, Öylə kef sürək. Öylə kef sürək ki, zail olmayaq, Tubadən qeyriyə mail olmayaq, Qazinin sözünə qail olmayaq, Saqiyi-sadəyə xidmət göstərək, Nə istər verək. Nə ki, istər verək ol sadəruya, Bəlkə bizlən gələ bir göftüguya, Biz də bir az düşək bu hayhuya, Biqafildən nagəh qapıdan girək, Nə söylər görək. Nə ki, söylər görək Tubayi-sərxoş, Hər dəm onun ilə olaq həmağuş, Müdam məclisində olaq badənuş, Tökün, töküşdürün, bol olsun xörək, Soğan, duz, çörək. Soğan, duz, çörəklə içək şərabı, Qazi xəbər alsa verək cavabı, Yaxşı olur yemək toyuq kababı, Əgər onda toyuq tapsaq bir mərək, Tamam öldürək. Təmamən öldürək toyuğu, qazı, Tərk eləyək həm orucu, namazı, Salik, işə salaq samturu, sazı, Yıxılmış dünyaya nə vuraq dirək? Çalaq dünbərək. Yenə məzkur Süleyman koxaya eyş-işrət və zövq-səfa sürməyə tərğib və təşviq babında yazmışdır: Gəl, ey Sədəfoğlu Süleyman koxa, Meyxanə qapısın edək güşadə, İçək ziyadə. Sərməst olub sərxoş gəzək sübhü şam, Dursun yanımızda saqiyi-sadə, Əlində badə. Əlində badə kim, dursun həmişə, Tövbə nədir bizdə? Səng ilə şişə, Gəl, çox da düşməyək fikrü təşvişə, Dərdü qəmi gətirməyək heç yadə Bu puç dünyadə. Bu puç dünyanın ki, çoxdu möhnəti, Unutmayaq hərgiz sazü söhbəti, Sənin ölmüşünə, bunun ləzzəti-- Əgər yüz il getsən olmaz üqbadə, Ey Sədəfzadə! Ey Sədəfzadə, sənsən cəvahir, Qədir-qiymətindir aləmdə zahir, İkimiz də olaq bu işdə mahir, Söylənsin adımız eldə, obadə, Yetək muradə. Yetək murada biz, tapaq Tubunu, Tapmarıq cənnətdə ondan xubunu, Bu dünyanın ha belə məhbubunu, O dünyada biz tapmayaq məbada, Qalaq cəfada. Qalaq cəfadavü olaq peşiman, Qaçaq düşə bizdən huriyü qılman Nə biz kafir olaq, nə də müsəlman, Məlul-müşkül qalaq, miskin fənadə, Kim yetə dadə. Kim yetə dadə, pəs həqdən səvayi, Ya rəb, özün saxla mən binəvayi, Salikəm, söylərəm hərzə-hərcayi, Kimsə bilməz nədir məndə iradə, Edə ifadə. Salikin bu müstəzad kəlamları həqiqi hissiyyat ilə təbi-səlimdən təvəllüd etmiş nadir və bimisl əsərlərdir ki, bu cür kəlamlar bir kəsin qələmindən hənuz vücuda gəlməyibdir. Hər iki kəlamda şair dusti-səmimisi Süleyman koxaya xitab edib, onu kef çəkməyə və eyş-işrət sürməyə dəvət eləyir. Necə ki, yuxarıda zikr olundu, Süleyman koxa öz əsrinin qanacaqlı, xoşxasiyyət və məclisara adamlarından sayılırmış. Ziyadə çörəkli-duzlu, yeyib-içən və kef sürən bir vücud olduğundan Salik ilə onun xasiyyətləri müvafiq gəlir imiş və aralarında həqiqi bir ülfət və məvəddət var imiş. Əksər övqat günlərini bir yerdə--zövqü səfadə keçirərlərmiş. Əvvəlinci kəlamda şair dostu Süleyman koxanı köhnə gülşənin güllərini dərməyə, yəni Süleyman peyğəmbərdən qalan qoca dünyaya bel bağlamayıb, eyş-işrət sürməyə təklif edib deyir: Biz gərəkdir elə yaxın olaq ki, aralıqda mənim-sənin olmaya. Ancaq bizi bel və kürək ayırmağa müqtədir ola ki, onlar ilə qəbir qazılır. Quru zöhdü taat ilə özümüzü taqətdən salmayaq və oruc tutuban ac və susuz saralıb solmayaq. Badeyi-gülgundan nuş edib kefimizi kök saxlayaq. Amma bir o qədər içməyək ki, bihuş və məsti-layəqəl olaq və Tubayi-xubrunu unudub tərki-ədəblik göstərək. Belə məst olmaq bizə yaramaz! Biz gərəkdir ancaq qazinin biməzmun sözlərinə qulaq asmayıb, saqiyi-sadəruya xidmət göstərək və Tubayi-sərxoş ilə həmağuş olub məclisində damağımızı saz edək, töküb-töküşdürək, hər nə var xörəyi bol edək və o xörək də ibarət olsun soğandan və duz-çörəkdən və toyuq kababından. Bu nəhv məclisi-eyş saz edib və oruc-namazı tərk qılıb, onların əvəzinə samturu və sazı işə salaq və yıxılmış dünyaya dirək vurub dünbərək çalaq. İkinci kəlamda bu məzmunda Salik yenə həmpiyaləsi Süleyman koxaya üz tutub meyxana qapısın güşad etməyə onu təklif eləyir. Şikəsti-əhdü peyman babında deyir ki, "tövbə nədir bizdə? Səng ilə şişə". Yəni onu sındırmaq çox asandır. Bunun üçün çox da xövf və təşvişə düşmək yaramaz. Bu puç dünyada ki, onun dərdü möhnəti həddən aşıbdır, övqati-əzizəmizi saz və söhbətdə keçirək. Zira ki, nə qədər zöhdü ibadətə məşğul olsaq da, bunun ləzzətini üqbada bulmayacağıq. Bəs, belə olan surətdə Tubayi-xoşədanı axtarıb tapaq, çünki cənnətdə ondan xubunu bulmaq müyəssər olmayacaqdır. Beş günlük ömrü qənimət bilib, fürsəti fövt etməyək və elə bir kef eləyək ki, adımız eldə-obada həmişə söylənsin. Üçüncü kəlam və müstəzadında--ki, atidə dərc olunub,--şair meyi-gülgundan xərab və pərişan olub və dünya ləhvü ləəbindən usanıb dusti-cani olan Sədəfzadəni başqa bir təriqə dəvət və hidayət eləyib deyir: Ey Sədəfzadə, bu dəhri-duna etibar yoxdur, onda nə badə qalır və nə badəxar, cümləsi fövt və həlak olub gedəsidir: "kullu şeyin halikun illə vəchəhu". İndi vaxtdır və lazımdır bu qəflətdən ayılmaq; xaliqi-biçuna və xudayi-rəhnumuna səmimi-qəlblə xidmət və itaət eləmək. Tuba kimi bir sərvqaməti gördükdə lazımdır ondan üz çevirmək, badeyi-gülfamdan və ərəq kimi haramzadədən və saqiyi-sadərudan əl götürmək; daha yaramaz bu dəhri-pürəfsuna aldanmaq və dünyayi-dəni və şumə aludə olmaq. İndi lazımdır eyşü işrəti tərk və saz-samturu şikəst qılıb, əşki-pürxun ilə aləmi qərq eləmək, ta ki, bizlər kimi cürm dəryasına qərq olanlara xudavəndi-rəhimü bəxşəndə lütfü mərhəmət eləsin və sahili-nicatə yetirsin. Şairin öz kəlamına rücu edək: Gəl, ey Sədəfoğlu Süleyman koxa, Meyil etməyək daxi meyi-gülguna, Gənci-Qaruna. Əl götürək dünya ləhv-ləəbindən, Çün etibar yoxdur çərxi-gərdunə, Bu dəhri-dunə. Bu dəhri-duna çün yoxdur etibar, Nə bir badə qalır, nə bir badəxar, Bu xabi-qəflətdən biz olaq bidar, Qulluq edək bir xaliqi-biçunə, O rəhnümunə. O rəhnümunə biz qılaq itaət, Kəm olmayaq qulluğundan bir saət, Görəndə Tuba tək bir sərvqamət, Heç baxmayaq o qaməti-mövzunə, Olsa nə gunə. Olsa nə gunə biz keçək badədən, Dəxi ərəq kimi o haramzadədən, Əl götürək ol saqiyi-sadədən, Aldanmayaq bu dəhri-pürəfsunə, Bu bisükunə. Bu bisükunə biz sakin olmayaq, Çox da dünya üçün fikrə qalmayaq, Qan ağlayaq, sazü samtur çalmayaq, Qərq edək aləmi əşki-pürxunə, Abi-Ceyhunə. Abi-Ceyhunə mən qərqəm, ilahi, Sənsən qəriblərin püştü pənahi, Şikəstə Salikin çoxdur günahi, Bir lütf eylə sən ol cürmi füzunə Hali zəbunə. Dostu Yəhya bəyə hərcayi sözlərdən əl çəkib axirət üçün tədarük mühəyya etmək babında yazmışdır: Yəhya, gəl ət götür hərcayi sözdən, Afitabi-ömrün bulmasın zəval, Kəsb et bir kəmal. Öylə sanma böylə keçər dövranın, Əgər bədr ayısan, eylə bir xəyal, Olursan hilal. Olursan hilal, qəddin xəmlənir, Yaşadıqca didələrin nəmlənir, Əqlü fəhmin günü-gündən kəmlənir, Gün dolanır, keçər həftə, mahü sal, Ağarar saqqal. Ağarar saqqalın, həm sözün ötməz, Uşaqlar sözünü hesaba qatmaz, Öyüd-nəsihətlər beyninə batmaz, Düşər evin içrə hər dəm qilü qal, Olursan aval. Olursan aval oğul-uşağa, Dığırlarlar səni üstdən aşağa, Adlanıban ta dönərsən məşşağa, Soyarlar pustunu əyalü ətfal, Manəndi-çaqqal. Manəndi-çaqqal ki, oldun kollarda, Baxa-baxa gözün qalır yollarda, Günün keçər biyabanda, çöllərdə, Qalırsan pərişan, pəjmürdə əhval, Misali-abdal. Misali-abdal ki, oldun bir sail, Söylədikcə sözün söylərsən zail, Ondan sonra canın alır Əzrail, Münkər-Nəkir eylər islamın sual, Dilin olur lal. Dilin olur lal heyvandan betər, Fəryadına oğul, nə bir qız yetər, Xəstə Salik onda bülbül tək ötər, Olur cənnət quşu, açar pərü bal, Uçar bizəval. Məlum olur ki, bu Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki, əhli-elm və sahibi-təb olduğu ilə belə, bir az zarafatçı və hərzəgu imiş. Kazım ağa Salik ilə aralarında zarafat olmağa görə, fövqdə zikr olunan mürəbbeyi-müstəzadı həzl təriqi ilə onun şənində nəzm qılmışdır. Yəhya bəyin əşarından ələ düşəni olmadı. Vəfat edibdir hicrətin 1257-ci tarixində. Salik onun maddeyi-tarixini bu tövr rişteyi-nəzmə çəkmişdir: Bu məzarın sahibi Yəhya bəyi-rövşənzəmir, Şairi-kani-süxən, hüsni-kəlami binəzir. Ol Vidadi xəstənin fərzəndiiin fərzəndidir, Vaqif ol kim, Vaqifin həm bintinin peyvəndidir. Çünki getdi bu cahandan, buldu rəsmi-məğfirət, Oldu tarixi-vəfatı, Salika, "nov axərət". Salikin bu sözlərindən belə məlum olur ki, mərhum Yəhya bəy rövşənzəmir və xoştəb bir şair imiş və özü də iki böyük şairin nəvəsi olduğu üçün babaları Vidadi və Vaqifdən təbi-şeriyyəni irsən almışdır. Yəhya bəyin vəfatından bir il sonra Salik dostunun müfariqətinə və xüsusən, istəkli qızı Xeyransa xanımın vəfatına--ki, ziyadə arifə və aqilə bir nazənin imiş,--tab gətirməyib, özü də bu dari-dünyanı tərk qılıb dari-üqbayə rehlət buyurmuşdur. Xeyransa xanımın maddeyi-tərxinin Salik belə inşad etmişdir: Bu türbət türbəti-bir nazənindir, Bihəmdilləh yeri xüldi-bərindir. Deyil tənha sarayi-mərqəd içrə, Ənisi dəmbədəm ruhül-əmindir. Bu, gənci-hüsn idi, Salik, yəqin bil, Onunçün məskəni ziri-zəmindir…. Vəfatı tarixi Xeyrənnisanın-- Ki, bir "cim" bir "nun", çar "şin"dir. Ömrünün axır çağında dünyayi-dunun bivəfalığından söz açıb öz-özünə xitabən bu şerləri inşad qılmışdır: Cahan, Salik, bizə çünki fənadır, Duadır xeyrimiz, ancaq fənadır. Nə simü zər qalıb baqi, nə əmlak, Təfaxür etməsin hər kim ğinadır. Başın qovğasıdır taci-mükəlləl, Əcəl baxmaz, mürəssədir, minadır. Binayi-axirət tut, ey bəradər, Tomamı bunların çün bibinadır. Ağarmış saqqalım gər sürx görsən, Dü çeşmim qanıdır, sanma hənadır. Bu vaxtlarda şairin sevgili həmdəmi Tuba dəxi qocalıb əfsürdə və pərişan olur. Onların hər ikisinin zövqü səfası dərdü ələmə mübəddəl olur və şair Tubayi-şirinhərəkatın dilindən aşağıda yazılan şerləri inşad eləyir: Mən Tubuyam, dövran mənə zülm etmiş, İşvəm əksilibdir, nazım gedibdir. Dəxi məndən kimsə şadlıq ummasın, Gördüyün söhbətim, sazım gedibdir. Əlimdə dairə dövran eylərdim, Çoxların özümə heyran eylərdim, Hər dəm gəştə çıxıb seyran eylərdim, Qışım qayıdıbdır, yazım gedibdir. Gündən-günə artar nə ahü zarım, Gülməz üzüm, heç açılmaz güzarım, Necə əyilməsin meyli-şikarım, Əlimdən topğunum, bazım gedibdir. Baş götürüb burdan qaça bilmənəm, Etdiyim iqrardan keçə bilmənəm, Dərd budur ki, dərdim aça bilmənəm, Yar ilə bir gizli razım gedibdir. Saliki dünyadan kəm etmə, tarı, Söylənsin məclisdə şirin göftarı, Bir zaman tapılmaz nəzmü əşarı, Deyərlər, dünyadan Kazım gedibdir. Bu şerlər insanın qəlbini hüzn ilə ləbaləb edir. Bir vaxtı Sədəfzadə ilə eyş-işrət sürən və dünya qeydini çəkməyən, yıxılmış dünyaya dirək vuran Salik özü yıxılıbdır və xak ilə yeksan olubdur. Məclisdə şirin göftarı söylənməz və nəzmü əşarı tapılmaz…. Kazım ağanın burada zikr olunan kəlamlarından başqa yenə də gözəl əsərləri çoxdur. Onlar bir qayda üzrə tərtib olunsa, böyük bir cild divan əmələ gələr. Mərhum Kazım ağa öz əsrinin müqtədir şairi olduğunu bilib, təbi-gövhərbarını belə tərif eləyir: Çini-əşar içrə ancaq tək mənəm xaqani-təb Nüktədə sübhanvəş, həm təbdə Həssantəb. Buyi-şerimdən məşami-əhli-dil pürətr olub, Gülşəni-nəzm içrə guya ki, mənəm reyhani-təb Qorxma, Salik, təneyi-əğyari-biinsafdən, Zəxmdar etmiş qamusin səndəki peykani-təb. Yenə kəlamı barəsində demişdir: Kəlami-behcətəngizin məcalisdə qanan kəslər Deyərlər Saliki-gövhərfişanə: elmi dəryadır. Və yenə fars dilində yazdığı bir qəzəlin axırında demişdir: Ço ğəvvas şəvəd Saleke-nəzmsənc, Bər arəd qohərha ze bəhre-ğəzəl. [3] [3] Tərcüməsi: Şer qoşan Salik qəvvas olarsa, Qəzəl dənizindən gövhərlər çıxarar. Mərhum Salikin haqqında verdiyimiz bu qədər məlumat və bəyanata iktifa elədik. Bundan ziyadə nümunələr göstərməyə məcmuəmizdə yer olmadı. Şairin rütbə və məqamını göstərməyə bunlar da kifayət edər. Kazım ağanın oğlu Yusif ağa dəxi şair imiş. Bəzi rəvayətə görə, bir neçə abdar kəlamları vardır, amma, məəttəəssüf, onlardan ələ düşəni olmadı. * * * Kərbəlayı Səfi "Valeh" təxəllüs Necə ki, fövqdə zikr olundu, Kərbəlayı Səfi "Valeh" Canıoğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri imiş. O zamanın ürəfasından sayılan əhli-zövq və sahibi-təb bir vücud imiş. Məhəlli-təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir. Gülablı kəndi Şuşa uyezdində dağ ətəyində basəfa və xoş mənzərəli bir yerdə təmir olunubdur. Əhalisi səlamət, əhli-keyfü damağ olub, günlərini eyşü-işrətdə keçirməyə mötad olmuşlar. Qarabağın aşıqları, neyçi və balabançıları, xanəndə və nəvazəndələri əksəriyyən Gülablıdan çıxıb, onun abü həvası ilə pərvəriş tapmışlar. Bu yerin ünas əhlinə gəldikdə, onlar dəxi xeyli gözəl, ismətli və cismən səlamət arvadlar olub, dayəlik peşəsi ilə iştihar bulmuşlar. Belə ki, Şuşa qalasının nücəbavü xanzadəvü şahzadələrinin çoxu Gülablı arvadlarının döşündən süd əmib, onların ağuşunda nəşvü nüma tapmışlar. Kim bilir, bəlkə onların südlərinin təsirindən Pənah xanın yapdığı Şuşa qalasında--ki, sabiqdə qaraquşlar məskəni imiş,--bu qədər şüəra və zürəfa, bu qədər xoşəlhan xanəndə və bimisal sazəndələr hasilə gəlmişdir?! Heyfa ki, belə gözəl bağlı-meyvəli və xoşsəfa kənd 1905-ci sənədə vüqua gələn erməni-müsəlman davasında talanü viran olmuşdu. Əhalisindən bir çoxu, xüsusən arvad-uşaq tələf olub, sağ və salamat qalanı yuvaları dağılmış quşlar kimi ətrafü əknafa qaçıb pənah aparmışlar. İndi Gülablı kəndi yavaş-yavaş təmir olunub, yenə sabiqi halına düşməkdədir. Həmin bu Gülablı qəryəsində hicrətin XII əsrinin axırlarında--yəni 1180-ci və yainki 1190-cı illərdə Valeh təvəllüd etmişdir. 60–70 iləcən ömür etmişdir. Belə ki, 1250-ci tarixdə hali-həyatda imiş. Oxuyub-yazmağı Şuşa qalasında kəsb etmişdir. Ülumi-maarifə və xüsusən, şer deməyə artıq dərəcədə meylü həvəsi var imiş. O cəhətə vaxtının çoxunu ürəfa məclisində və şüəra dairəsində keçirərmiş. Mərhum Valeh dindar, mömin və müttəqi bir şəxs olduğu ilə belə xoşsöhbət, danışıb-gülən və baməzə bir adam imiş. Onun ilə Baba bəyin, İbn Canının və Aşıq Qənbərin beynlərində zərafət olduğu üçün bir-birinə həzl təriqi ilə sözlər deyərlərmiş. Belə ki, mərhum Baba bəy Valehin qocalığını həcv edib, dişlərinin tökülüb övraq olmağını və ağzı köhnə xərabənin uçuq damına bənzəməyini və saçı-saqqalı ağarıb, sümük kimi düm ağ olmağını zərifanə zikr edib deyir ki, sənin başından şurü həvəs gedibdir. İndi sənin meylin axirət dünyası ilədir. Ona görə Xulxunsayını çağır gəlsin, aləmi-bəqadan vəz eləsin: Hər kimsə axtarar tapar tayını, Sən də çağır gəlsnn Xulxunsayını. Söhbəti-üqba eləsin, guş qıl, Ləzzəti-dünyanı fəramuş qıl…. i.a. Kərbəlayı Səfi onun cavabında Baba bəyə bir neçə duzlu şerlər yazıb, onların bəzi bəndlərində Baba bəyə * * * Mustafa ağa "Arif" təxəllüs Mustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsində hicrətin 1188-ci ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin--ki, xoştəb bir şair imiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır,--böyük qardaşı imiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür. Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şənində demişdir: Biri Arif, kona cövr etdi dövran-- Ki, qürbətdə şəhidü mübtəladır. Arif Rusiyada məhbusvar zindəganlıq edən vaxtı öz hali-dilini bir neçə şerlər vasitəsilə yazıb bəyan etmişdir ki, zeyldə dərc olunur: Fikr elərəm, bir-bir düşər yadıma Yarü həmdəm, dost, yaranlar, ağlaram, Dolar gözlərim əşki-al ilə, Gözlərimdən axar qanlar, ağlaram! Saldı məni fələk işə bisəbəb, Sən eylə bir əlac, ya qadir çələb, Anıb yarü həmdəmləri ruzü şəb, Gah aşikar, gah nihanlar ağlaram! Namə yazdım yarə badi-səbadən, Dərdi-dilim izhar etdim həvadən, Düşmüşəm avarə eldən-obadən, İtirmişəm xanimanlar, ağlaram! Vədə keçdi, günlərimi sanaram, Aylar, illər hesabına qanaram, Hər zaman yadıma düşər, yanaram, O dövranlar, o zamanlar, ağlaram! Görüm dönsün belə dövran, zamanlar, Tərk eləyib bağlarını bağbanlar, Xəzan deyib, solub gülü reyhanlar, Saralıbdır gülüstanlar, ağlaram! Seyr eləyib gəzib getdiyim yerlər, Ovlağından keçib ötdüyüm yerlər, Tərlan ilə şikar etdiyim yerlər, Yadə düşər o məkanlar, ağlaram! Sərçeşməli, nilufərli bulaqlar, Süsənli, sünbülli, laləli dağlar, Dumanlı, çiskinli, qarlı yaylaqlar, Hanı bizim o meydanlar, ağlaram! Ellərimiz vardı bəyli-paşalı, Dağlarımız vardı əlvan meşəli, Süsənli, sünbüllü, tər bənəfşəli Qaldı bağlar, xiyabanlar, ağlaram! Bilməm noldu bizim Qazax, Şəmsəddin, Gəlmədi onlardan bir xəbər yəqin, Qəzayi-ilahi bu imiş həmin, Getdi əldən o dövranlar, ağlaram! Dad eyləram, yetən yoxdu fəryada, Dərdim olur gündən-günə ziyada, Ağlaram hər zaman düşəndə yada-- Bizim Qazax-Qaramanlar, ağlaram. Qaldı paydar Borçalının bəyləri, Meydan günü bir-birindən yekləri, Mehman qarşısına mərd gəlməkləri, Yadıma düşəndə onlar, ağlaram! Hanı Qazax? Mehribanlıq gedibdir, Ağalıq, sultanlıq, xanlıq gedibdir, Nücəbadan alişanlıq gedibdir, İtibdir şövkətü şanlar, ağlaram! Alovlanır, yanır bağrım, sökülür, Axar gözlərimdən qanlar tökülür, Düşəndə yadıma qəddim bükülür-- Boyu sərvi-xuramanlar, ağlaram. Diyari-qürbətdə gözlərim giryan, Xatirim şikəstə, könlüm pərişan, Gələr xəyalıma düşər nagəhan-- O gördüyüm novcəvanlar, ağlaram. Bülbülümü qaçırmışam əlimdən, Ayrılmışam gülşənimdən, gülümdən, Cüda düşüb ulusumdan, elimdən, İtirmişəm dudmanlar, ağlaram. Qərq olur kəştilər əşkim selində, Yaşılbaşlar oynar çeşmim gölündə, Əsir oldum bəni-əsfər əlində, Ağlaram, ey müsəlmanlar, ağlaram! Hər kimdə ki, namus olur, ar olur, Əhdü iqrarında bərqərar olur, Yaxşı yoldaş yaman gündə var olur, Yaman yoldaş ötər yanlar, ağlaram. Bu dəmlərdə getmək əgər olmasa, Vətən sarı əzmi-səfər olmasa, Arifə bir yaxşı xəbər olmasa, Gör eylərəm nə tufanlar, ağlaram! Könlüm qalıb əhli-tufan içində, Dolanır sərgərdan heyran içində, Qorxuram ki, ölüm küfran içində, Bada gedə din-imanlar, ağlaram. Bu şerlər dəruni-qəlbdən çıxan atəşli və suzişli nalə və fəryadlardır ki, onları mütaliə edənlərin də bilaixtiyar gözlərindən qanlı yaş tökülür, şair ilə bahəm ağlayırlar. Vətənə məhəbbəti ucundan vətəndən ayrı düşən və əcnəbi ölkələrdə əsir və müztərr qalan biçarə Arif əvvəlcə öz dost və yaranlarını və mehriban həmdəmlərini yada salıb, didələrin əşki-al ilə doldurur və başqa bir qasid bulmayıb badi-səbadan onlara dərdi-dilini və məxfi sirlərini izhar qılıb göndərir. Şair qürbətdə aylarını və günlərini sanayıb hesab edir ki, onun xilas zamanı nə vaxtı yetişəcəkdir. Sonradan şair dost və aşinaları ilə xoş keçirdiyi zaman və məkanları, yəni tərlan ilə şikar etdiyi ovlaqları, sərin və nilufərli bulaqları, süsənli və çiçəkli yaylaqları, dumanlı və çiskinli dağları, vüsətli və səfalı meydanları göz yaşı ilə xatirinə gətirib deyir: Axır bizim də bəyli-paşalı ellərimiz, gözəl meşələrimiz, sünbüllü və tər bənəfşəli çəmənlərimiz, bülbüllü və güllü bağlarımız və xiyabanlarımız var idi. İndi onlar necə oldu? Ya qismət, bir də şair o gözəl məkanları görüb ziyarət edəcəkdirmi və onların basəfa və ruhəfza havası ilə ürəyini təzələndirəcəkdirmi? Sonradan şair öz-özünə sual verib deyir: Ya rəb, mənim dadıma və harayıma yetişən olacaqdırmı? Nə iş vaqe oldu ki, Qazax, Şəmsəddinlidən bir xəbər və əsər gəlmədi? Yoxsa təqdiri-rəbbani belə imiş ki, mən biçarə gərək bəni-əsfər əlində qürbətdə canımı can yaradana təslim edəm? Arif öz ölümündən xövf və hərasət etmir. Onun əndişə və xövfü din və imanın əcnəbilər içində bada getməsindəndir. Və bu fikir və əndişədə olduqda hali-dili və ənduhi-binəhayəsini elə bir cigərsuz şerlər ilə izhar edir ki, oxucuların da cigərinə od salıb yandırır: Alovlanır, yanır bağrım, sökülür, Axar gözlərimdən qanlar tökülür, Düşəndə yadıma qəddim bükülür-- Boyu sərvi-xuramanlar, ağlaram. Mustafa ağanın təbi də əmizadəsi və ya qardaşı Salikin təbi kimi rəvan və salim olduğu bir çox əşarından görünür. Yazdığı şerlərin əksəri açıq və sadə türk dilindədir. Məsələn, Salikə Rusiyadan yazdığı bir naməyə diqqət yetirməli: Can zarü tənim nizar sənsiz, Ömrüm başa yetdi, yar, sənsiz. Fəryad ki, dövri-namüvafiq Qoydu məni, ey nigar, sənsiz! Din qönçəsi qan olub, açılmaz, Yüz min gər ola bahar, sənsiz. Rəngim güli-zəfəranə dönmüş, Dil qəmdən olub fikar, sənsiz. Yox məndə qərarü tabü taqət, Tab etmək olurmu, yar, sənsiz?! Ey gül, gecə-gündüz Arif ağlar, Bülbül kimi zar-zar sənsiz. Məlum ola ki, Mustafa ağa bu şerləri Kazım ağanın zeyldə dərc olunan məktublarına cavab yazmışdır. Salikin Arifə yazdığı məktublar: I Dərdim ki, olub ziyadə sənsiz, Canım üzülür məbadə sənsiz. Şaha, gələ gör ki, ferz könlüm Cəngində olub piyadə sənsiz. Canım çıxar oldu həsrətindən, Ömrüm gedər oldu badə sənsiz. Saqi, yetə gör ki, bəzmi-qəmdə Qan oldu qədəhdə badə sənsiz. Çəkmiş həvəsin şikəstə Salik, Nə qövmə baxar, nə yadə sənsiz. II Gəlməz ələmim hesabə sənsiz, Sığmaz süxənim kitabə sənsiz. Mürği-könülüm çıxıb tənimdən, Qılmış vətənin xərabə sənsiz. Hicranın odunda, ey dilaram, Dönmüş cigərim kəbabə sənsiz. Xəlqə görünür vücudim, əmma Bənzər bədənim sərabə sənsiz. Seylabi-bəladə səng könlüm, Gəl gör ki, dönüb hübabə sənsiz. Kəsmiş təməin şikəstə Salik, Nə nanə baxar, nə abə sənsiz. Bu məktubların hər ikisi həqiqi hiss ilə yazılmış suzişli və müəssir kəlamlardır ki, oxuyanlara hüzn və pərişanlıq yetirir. Yenə mərhum Arif Rusiyadan oğlu Əliağaya təhsili-ülum babında yazmışdır: Olma tarik dərsdən, ey nuri-cananım Əli! Pəndimi eylə qəbul, ey xanü xaqanım Əli! Var ümidim etməyə zaye əfəndi səyini, Qoymaya dərsində bir kəm-kəsr Osmanım, Əli! Mən səiniçün eylərəm xeyir-dualər ruzü şəb Saxlasın hifzü himayətində sübhanım Əli! Payimal etsin ədüvvü hasidin lütfi-ilah Hər zaman qəmxarın olsun şiri-yəzdanım Əli! Gərçi, ey dil, mən Əbubəkrü Ömər, osmaniyəm İmamimdir mənim ol şiri-mərdanım Əli! Könlümün şəhrin fəraqü həsrətin qılmış xərab Bir üzün görsəm olur abad viranım, Əli! Olsun, Arif, həşrdə əvvəl şəfiin Mustəfa Sonra Bubəkrü Ömər, Osmanü aslanım Əli! * * * Mehribanlı baba bəy Mehribanlı Baba bəy İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünuni-şerdə ustadlıq etmişlər. Vəli onların meylü rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcvü həzl təriqi ilə söz söyləməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kəlamı vardır, amma onların əksəri ədibanə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meylü həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil. Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşi öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dünyadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayil söyləməyə sərf ediblər. Baba bəyin vəfatı Zakirə ziyadə təsir edib onu pərişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şerlərlə izhar qılmışdır: Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım, Cahanda xatiri qəmgin, dili pürdərd mən qaldım. Ənisü mehribanım Mehriban da vasili-rəhmət-- Olub, dari-fənada zarü səhragərd mən qaldım. Mətai-can xirid etdi rəfiqan gərm ikən bazar, Pozuldu rövnəq, ancaq qaldı ahi-sərdü mən qaldım. Xəyalat əhli xaki-kimya tək napədid oldu, Tutub rahi-ədəm iksirtəban, gərd mən qaldım. Görüb dəhrin vəfasın çəkdilər əl eyşi-aləmdən, Bu viran mülkdə, səd heyf, tənpərvərd mən qaldım. Həqiqət mənzilinə yetdilər mərdi-rəhi-aləm, Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım. Edər seyri-gülüstani-bəqa ağgünlülər hər yan, Qara gün içrə gülbərgi-xəzan tək zərd mən qaldım. Vəzirü şah rux tutdu piyada xaneyi-fərzə, Səməndü fil ləng oldu, dağıldı nərd, mən qaldım. Müsibət salının tarixi amma oldu "tarixim", Köçüb ustad, Zakir, bihünər şagird mən qaldım. Bu təəssüfamiz şerlərdə Zakir mərhum Baba bəyi ürəfa zümrəsinə daxil qılıb, onun xəyalat əhlindən olmasını və iksirtəblər kimi rahi-ədəm ixtiyar etməsini bəyan edib kəmali-təəssüflə bu viran mülkdə özünün tənpərvər olmasını izhar qılır. Ağgünlülər dəhrin vəfasızlığını görüb, eyşi-dünyadan əl çəkib həqiqət mənzilinə vasil olduqları və bəqa gülüstanında hər yanı seyr etdikləri halda, şair qara gün içrə gülbərgi-xəzan tək sarala-sarala qalmışdır. Zakir Baba bəyi mürşid və ustadi-kamil məqamında qoyub özünü bihünər şagirdlərdən hesab edir. Heyfa ki, Baba bəyin kəlamından həcvdən səva bir başqa növ ələ düşmədi ki, onu nümunə göstərək. Nəmirli Əmiraslan bəyin şənində--ki, fasiq və mərdümazar bir şəxs imiş,--yazdığı həcvi bu sayaq başlayır: Ağlayın qan, Cavanşir Əmiraslan gəlir, Mərdü mərdanə olub azimi-meydan gəlir, Taxıban şişə sizi etməyə büryan gəlir, Mədəni-lafü gəzaf hərzəvü hədyan gəlir, Mələkül-mövt kimi almaq üçün can gəlir i.a. * * * Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs Məhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir. Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl: Yenə asudə ikən uğradım bir şux zibayə, Üzü gül, arizi mül, zülfü sünbül, çəşmi şəhlayə. Üzü sahir, özü zahir, gözü can almağa mahir, Görən bir baxışın verməz onun dünyavü üqbayə. Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür, Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə. Baxanlar qamətindən rəmzlər anlar qiyamətdən, Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə. Yer üzrə durmadı, getdi, səmavatı məqam etdi, Ləbi ecaz rəmzin göstərən dəmdə Məsihayə. Götürsə gün cəmalından bulud kimi qara zülfün, Sərasimə Zuleyxa tək çıxar Yusif təmaşayə. Dodağından soruşdum ağzının mən var-yox sirrin, Bu nazik nöqtəni sorma, düşar qan,--dedi--ortayə. Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın, Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə. Bu qəzəlin cavabını Mirzə Həsən yazmışdı ki, onun tərcümeyi-halı təhtində dərc olunubdur. Aşıq Pəriyə aşinalıq tərhində yazdığı bir müxəmməs: Ey Pəri, dəhrdə yox sən kimi bir cananə, Tən edər mehri-rüxün göydə məhi-tabanə, Gərçi bihəd görürəm lütfunü hər insanə, Piri-biqaidədir, uyma Məlik Aslanə, Olgilən yar yenə mən təki bir oğlanə. Həm sənin qədrini Fərhad ilə Şirin bilməz, Mirzəcan bilsə də yüzdən o da birin bilməz, Mirzə Məmməd dəxi o fəthəvü zirin bilməz, Kim ki, məşuq ola, o, zülfi-əsirin bilməz, Rəng ilə salmagilən sən buları böhtanə. Mən sənə hər nə desəm mehrü məhəbbət sözüdür, Sən mənə yazdığın əfsanəvü möhnət sözüdür, Gər desəm həmdəm olaq, bil ki, mavəddət sözüdür, Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür, Tövsəni-əqlini fikr ilə gətir cövlanə. Sən təki şux münasibdi ki, məstanə gələ, Əldə sazü məzəvü sağərü peymanə gələ, Aşiqi-məst görüb din ilə imanə gələ-- Kim, gərək doqquz ola başı bu meydanə gələ, Özünə türrələnib girmə bizim meydanə! Sənə şayəstə odur kim, tapasan əhli-vəfa, Canü dildən edəsən eşq təriqini rifa, Olasan yar ona, etməyəsən cövrü cəfa, Dövri-fanidə sürüb bir neçə gün zövqü səfa, Əhli-haldan özünü tutmayasan biganə. Yenə Aşıq Pəriyə yazmışdır: Təxəllüs nə lazım, ey Aşıq Pəri, Bir kəs ki, mehrdən xəbərdar ola? Könüldən könülə yollar görünür, Əlavə, nə hacət, aşikar ola? Xoş yaradıb səni ustadi-əzəl, Hüsnü vəcahətdə yekta, bibədəl, Dızaq mahalında sənin tək gözəl-- Həqdən istəmişəm bərqərar ola. Əhli-halı görmək istər əhli-hal, Müzayiqə etmə, gər olsa macal. Sənin tək dərdmənd olmayan mahal, Görüm ki, dağılıb tarümar ola. Belə işin nə ləzzəti, nə dadı, Xublar bilə görək aşnanı-yadı, Çəkəsən ağuşa bala Fərhadı, Şirin didarına intizar ola. Ağlını cəm eylə, olma sərsəri, Səndə yoxdur eşqbazlıq əsəri, Fəhmü fərasətdə yüz sən tək Pəri Gərəkdir Məmmədə xidmətkar ola. Aşıq Pərinin Məhəmməd bəyə cavabı: Şayəstədir, ey mürşidi-kamilim, Dostlar arasında etibar ola. Şair odur ustadından dərs ala, Ziddü cinsi rədifi-pərgar ola. Cəvabi-xəttindən olmuşam xoşhal, Ərz edərəm qulluğuna vəsfi-hal, Şan ilə şövkətin olsun bizəval, Gərək xidmətində xidmətkar ola. Mailəm hüsnünün xoşca rənginə, Yetə bilmən təcnisinin dənginə, Səni sallam müəşşərin cənginə, Arif bu yerlərdən xəbərdar ola. Pəri idim eşq içində aşikar, Aralıqda yaxşı olur səbəbkar, Bu cəng meydanında eylərəm şikar, Əgər Məhəmməd tək səd həzar ola. Məhəmməd bəyin Aşıq Pəriyə cavabı: Ustadi-əzəldən dərsim almışam, Mailəm hər yerdə qövğayə, Pəri! Ziddü cinsi-rədif sözün danışma, Mən desəm, düşərsən ah-vayə, Pəri! Əlindəki badə olsun, saz olsun, Hərəkətin işvə olsun, naz olsun, Yekə yerdən danışmağın az olsun, Düşərsən bir dərin dəryayə, Pəri! Müəşşərin hər bəndində naçarsan, Mən açmaram, yenə özün açarsan, Bu işindən yəqinimdir qaçarsan, Axırda Məlikə, Mirzayə, Pəri! Qafiyə gərəkdir ola dilpəsənd, Nə ki, belə məğşuş ola dərdmənd. Bilmirəm ki, sənə eləyim rişxənd, Yoxsa onu yazan mollayə, Pəri! Ləblərin müsəffası Aşiqi, Dəhanının müəmması Aşiqi, Siyəh zülfün təmənnası Aşiqi Salıbdır bir uzun sövdayə, Pəri! Vəsfi-dilbər babında Molla Pənah Vaqif səbkində yazdığı mürəbbeatdır: Səni tarı, məndən olma mükəddər, İncimə, bu dilin viranı sənsən! Neylərəm dünyanı, əzizim, sənsiz, Bilirəm dərdimin dərmanı sənsən! Gözəldir camalın, hüsnündür cəmil, Ölmədim hicrində, qalmışam xəcil, Başın üçün, ey gül, dolanım yüz il, Könlümün mülkünün sultanı sənsən. Vamiqin Əzrayə var idi meyli, Onunçün axardı gözündən seyli, Yusifin Züleyxa, Məcnunun Leyli, Mənim də canımın cananı sənsən. Hər nə ki, ərz etdim, ona yetmədin, Şad eləyib bizi gəlib-getmədin, Könlüm alıb bir yol qəbul etmədin, Bu qədər çəkdiyim amanı sənsən. Pünhanı baxışın alıbdır canı, Cadu qəmzələrin verməz amanı, Tarı hifz eləsin nuki-mücganı, Aşiqin qatili-pünhanı sənsən! Yenə Aşiqin vəsfi-dilbər barəsində yazdığı kəlam: Səndən ayrı işim mənim, ay dilbər, Gecə-gündüz ahü fəğan olubdur. Təğafül rəhmindən zülmü sitəmin Bizim barəmizdə ehsan olubdur. Ləhzə-ləhzə halın sorduğun könlüm, Gündə min təsəlli verdiyin könlüm, Daim şadü xürrəm gördüyün könlüm İndi dərd əlindən viran olubdur. Haçan almamışdın ağlımı sərdən, Oxurdum müshəfi-hüsnün əzbərdən, O gündən ki, saldın gözdən, nəzərdən, Mənim halım çox-çox yaman olubdur. Heç yada salmazsan mən dilfikarı, Səni bimürüvvət yaradıb tarı, Dəhanın şövqündən Aşiqi-zarı Öldürən bir daği-pünhan olubdur. Cəfərqulu xan "Nəva" təxəllüsün Məhəmməd bəyə ənam etdiyi qızıl quş barəsində tərtib etdiyi qafiyələr: Başın üçün, sizin bazi-ənami On beş gündə alıb iki şikari, Birisi yüz ovla üç qanad uçmuş, Birisi bir yelpək kəbki-yəsari. Olmaz belə şəfqət, belə mərhəmət, Canü dildən gərək ha çəkək minnət, Sərkari-alidə tapıb tərbiyət, Onunçun bu qədər çoxdu vüqarı. Səhər gəmişərəm, axşam tutaram, Vaxt olur ki, meşələrdə yataram, Börkümü götürüb önnük ataram. Yad elərəm tez-tez pərvərdigarı. Belə xana nüzul olmaz belə qəm, Çarə olmaz buna, neyləsə aləm. Uçmadığı, almadığı cəhənnəm, Çağıranda ələ gələydi barı. Gərəkdir götürüb dərəbədərə Gəmişəydi bunu Tatvos, Mərkərə, Nə rəvadır mənim kimi çakərə Bəxş edəsən belə tənbəl murdarı. Burada yazılan qafiyələrdən başqa Məhəmməd bəy Aşiqin bir çox qəzəliyyatı və mərhum Qasım bəy Zakir ilə deyişmələri vardır ki, onları bəzi səbəblərə görə, zikr etməyi münasib görmədik; ancaq ömrünün axır çağında tərcibənd təriqində yazdığı "Tövbənamə"ni yazmaqla iktifa etdik: TÖVBƏNAMƏ Ey xuda, sənə əyandır ki, vəfadaram mən, Tutduğum işləri yad eyləyib ağlaram mən. Leyk bu nəfsin əlimdən həməvəqt zaram mən, Əliboş, üzüqara, bəndeyi-biaram mən. Hər na tənbeh edəsən, ona səzavaram mən, Gəlmişəm dərgəhinə, labüdü naçaram mən. Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü-rusiyəhü xaram mən. Gərçi dünyayə gəlib gəzdimü getdim biçiz, Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz. Artdı hirsim mərəzi, etmədim əsla pərhiz, Dəxi bundan sora yoxdur mənə bir rahi-güriz. Nə əməl riştəsi var əldə, nə bir dəstaviz, Eylədim xəlq ilə nahəq yerə pərxaşü sitiz. Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyu bədəmülü rusiyəhü xaram mən. Hər nə iş tutdum isə, cümlə bədü bədhərəkət, Etmədim şükri-həyat, eyləmədim fikri-məmat, Bu dəni dəhrdə bihudə keçirdim övqat, Şimdi rehlət dəmidir, qalmışam avarəvü mat, Şərmsari-günəhəm, ah, əlim bisövqat, Yetməyim məqsədə bu vəch ilə heyhat, heyhat! Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rüsiyəhü xaram mən. Ya rəb, indi mən öz əhvalıma heyranam çox, Qəzəbü qəhrin edib fikr, hərasanam çox, Bilib etdiklərim əfalə peşimanam çox, Bilməyib səhvü qələt işlərə giryanam çox. Kərəmü lütfünü çox izz ilə cuyanam, çox, Qüssədən şamü səhər zarü pərişanam çox, Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə! Məsiyət rahinə həm get və gəlimdən tövbə! Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə! Dəxi bundan sora məkrü dəğəlimdən tövbə! Eylərəm sidq ilə mən piş əz--ölümdən tövbə! Hər xəta çıxmış isə bir də dilimdən, tövbə! Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Bilməz idim ki, bu aləmdə olur zar olmaq, Nə ölüm var, nə qocalıq, nə də bimar olmaq. Adətim hər xəmi-gisuyə nigunsar olmaq, Mayili-ləli-ləbü aşiqi-ruxsar olmaq, Valehi-xalü xətü heyrəti-didar olmaq, Yar əğyar olub, əğyarım ilə yar olmaq, Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü-rusiyəhü xaram mən. Bəli, məsdud olub şimdi mənə rahi-xilas, Çünki lazım düşüb üsyanə şəriətdə qisas. Qüdrətü hikməti-həqdən görünür böylə xəvas-- Kim, görə ruzi-cəza hər kişi felinə xilas, Sən özün dadə yet ol gündə ki, nə amü nə xas, Nə kərəm əhli yetər dadə, nə əhli-ixlas. Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən; Asiyü bədəməlü rusiyəhü xaram mən. Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur, Cism ilə canı tutub mərtəbeyi-kibrü qürur. Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur, Gəlmişəm dərgəhə bainhəmeyi-eybü qüsur, Dəxi, ya rəbb, dərindən məni sən eyləmə dur. Qoymadı hirs, tamah gərdi dəxi didədə nur, Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Müxtəsər, hər nə əməl eylədim oldum nadim, Hirs qıldı məni hər nakəsi-duna xadim. Nəfs ucundan nə bəla çəkdi dili-pürbadim, Şimdi nə bir əməlim əldə, nə var bir zadim, Tapmadım bir kərəm əhli ki, edə imdadim, Sən özün dadimə yet, barı eşit fəryadim. Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Nə dilim var ki, səni cürət edib yad qılım, Nə üzüm var sənə sarı tutuban dad qılım. Nə sözüm var özümü ol söz ilə şad qılım, Dili-bərbadı nə ümmid ilə abad qılım? Nə edim canımı bu vərtədən azad qılım, Çarə oldur ki, yenə bu sözü övrad qılım, Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Bir neçə il özümü eşqə müqəyyəd qıldım, Gahi Aşiq adımı, gah Məhəmməd qıldım, Məşqi-əbruyi-xətü xal ilə mürtəd qıldım, Şiveyi-mehrü məhəbbətdə böyük səd qıldım. Rövşəni-eşqdə Məcnunə dəxi rəd qıldım, Hər nə iş tutdum isə, cümləsini bəd qıldım. Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. Mərhum Məhəmməd bəyin bu "Tövbənamə"si onun bərgüzidə əsərlərindən birisidir. Şair ömrünün tükənəcəyində--rehlət dəmində dərgahi-ilahiyə üz çevirib, kəmali-əczü inkisar ilə tövbə və istiğfar eləyir və etdiyi günah əməlləri bir-bir tedad qılıb zarü pərişan halda rəhmi çox olan həqqdən məğfirət diləyir. Bəli! Əyyami-cavanlıqda az adam tapılır ki, həyatın qədrini bilib, onu bihudə sərf eləməsin və şairin zəbunü pərişan halını pirlik mövsümündə öz vücudunda hiss eləməsin, hirs, tamah, hübbi-cahü mərtəbə, hübbi-malü miknət, ləhvü ləəb, büğzü ədavət, məniyyət, sərkeşlik, büxlü həsəd və zülmü sitəmə adət və sair övsafi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir, cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafü mürüvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilkülliyyə qafil və bixəbərik. Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzü açıb, ölümü önümüzdə görüb xövfü əndişəyə düşürük və şairin dili ilə bu günə tövbə və istiğfar eləyirik. Əgərçi axırkı peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur: Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə! Məsiyət rahinə həm get və gəlimdən tövbə! Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə! Dəxi bundan sora məkrü dəğəlimdən tövbə! Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə! Hər xəta çıxmış isə bir də dilimdən, tövbə! Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən, Asiyü bədəməlü rusiyəhü xaram mən. * * * Mirzəcan bəy Mədədov Molla Pənah Vaqif dövrünün şairlərindən birisi də Mirzəcan bəy Mədədovdur ki, əslən Qarabağ mahalında Çanaxçı qəryəsindəndir və özü də məşhur general Valerian Qriqoryeviç Mədədovun ya əqrəbasındandır və yaxud onun özüdür ki, ondoqquzuncu əsrin ibtidalarında Rus ilə Osmanlı arasında vüqua gələn bir çox müharibələrdə ziyadə rəşadət göstəribdir və Qafqaziyanın bir çox yerlərini təsxir eləyibdir. Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün, onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişəst-bərxastı onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı. Bilmək gərəkdir ki, knyaz Valerian Qriqoryeviç dəxi müsəlmanpərəst bir vücud olub, türk dilini yaxşı bilirdi və çox ittifaq və məqamlarda müsəlmanları şirin dil və hüsni-süluku ilə özünə ramü rağib edirdi. Mirzəcan bəy türk dilindən əlavə fars dilini də kamalınca bilirdi və şerü ədəbiyyata meylü həvəsi artıq idi. Mirzə Yusif Qarabaği,--necə ki, onun barəsində zikr olundu,--Mirzəcan bəyin təklif və iltiması ilə Molla Pənahın və onun müasirlərinin əşarından bir məcmuə tərtib qılıb Teymurxanşurada çapa vermişdir. Mirzəcan bəy əhli zövq olduğu üçün Vaqifin kəlamını ziyadə dost tutarmış və özünün təbi-şeriyyəsi var imiş. Müasirlərindən Qazax şairi Kazım ağa Salik ilə və Maralyanlı Aşıq Pəri ilə irsal-mərsulları var imiş. Hər qisim əşarı mövcuddur. Amma Mirzəcanın sevdiyi əşarın mürəbbeat növüdür ki, əksərini Vaqif yazdığı səbkdə yazmışdır. Bu mürəbbeatın birisindən belə görünür ki, şair bir vaxtı zindana düşüb, haman şerləri zindanda olan zamanı yazıbdır: Bir belə əyyamda, böylə zamanda Qəmgin könlüm necə munda şad olsun? Munca zülmü sitəm, munca siyasət Bəs deyilmi, yar da məndən yad olsun?! Nə bir qəmxar, nə bir dosti-yeganə Təmami-aşina oldu biganə, Saldın axır, fələk, məni zindanə, Qoymadın qüssədən can azad olsun. Olmasın o, qəmgin, mən çəkim cəfa, Unutmaq aşiqi görməsin rəva, Gəlməsə, deyərlər ona bivəfa, İstərəm özünə yaxşı ad olsun. Külli-aləm düşmən olub canıma, Tapıb fürsət düşmən batıb qanıma, Deyin, dostlar, yarım gəlsin yanıma, Bəlkə görmək ilə bir imdad olsun! Fələyin ədli yox, dünyada divan, Dəxi gəlməz həyatıma bir güman, Bəndə düşüb nahaq yerə Mirzəcan, Səbəbkarın evi qoy abad olsun! Bu şerlərdən mütəvəffa Mirzəcanın alitəb olmağı və mərdanəliyi zahir olunur ki, onu nahaq yerə müttəhim edib zindana salan adama--"səbəbkar"a Mirzə nalayiq sözlər demir və nifrin oxumur, bəlkə onun haqqında gözəl dilək eləyir: "Səbəbkarın evi qoy abad olsun!" Və habelə şair yarının onu ziyarət etməyinə artıq şövqmənddir, onun üçün ki, ona bivəfa deməsinlər: Gəlməsə, deyərlər ona bivəfa, İstərəm özünə yaxşı ad olsun! Mürəbbeatından məşhuru bunlardır: BƏNƏFŞƏYƏ XİTAB Boynu buruq varıb yarın kuyinə, Dərdi-dilim söylə yarə, bənəfşə! Üzümə bax, rəngi-ruyim hər nə var Ərz etgilən o xunxarə, bənəfşə! Aparsalar səni yar otağına, Qafil olma, bax soluna, sağına, Üz sürtüb zülfünə, de qulağına, Salmasın aşiqin narə, bənəfşə! Sirr ilə üzündə baxgilən hər su, Məskən sal telində, söylə mubəmu, Görsün ki, cananım olmayıb bədxu, Bir xələl qat o əğyarə, bənəfşə! Neyləsin mən kimi fəqir əndəlib, Sən bənəfşə olsan o gülə həbib? Əgər sən də mənə olasan rəqib, Görüm günün keçsin qarə, bənəfşə! Bundan artıq yoxdur sənə bir cavab, Layiq deyil etmək aşiqə əzab. İstərsən edəsən dünyada səvab, Eylə Mirzəcana çarə, bənəfşə! Əyzən kəlami-Mirzəcan: Çəkdiyim cəfadən, cövrü bəladən Xəbər verən o dildarə tapılmaz. Pərişan halımı, ahü zarımı Bir söyləyən o qəmxarə tapılmaz. Nə canda taqət var, nə təndə rahət, Qoymayır bu fələk olum fəraqət. Dərd öldürür məni saətbəsaət, Bu dərdlərə məgər çarə tapılmaz?! Yar orda ah çəkər, mən burda fəryad, Kim var ki, eyləyə bizlərə imdad, Ya rəb, bu məmləkət olaydı bərbad, Gələn ondan bu diyarə tapılmaz. Yarın dərdi çoxdur Mirzə canında, Bir kimsə yox onun bəndüvanında, Hər kəsin sevgisi, yarı yanında, Mənim kimi heç avarə tapılmaz. Əyzən kəlami-Mirzəcan: Girdabi-möhnətdə qərq olan canım, Ya rəb, ola bir kənarə yetərmi? Bu seyli-bəladən, tufan qəmindən Xilas olub, o dildarə yetərmi? Qəm ləşkəri mənə olub həvalə, İstəyir qürbətdə canımı alə, Çəkdiyim əfğanlar, etdiyim nalə Bu diyardan o diyarə yetərmi? Çünki belə hicran düşmüş arayə, Kim var ki, yetişsin bunda harayə Ümid yox qasidə, badi-səbayə, Bir ah çəksəm, onda yarə yetərmi? Necə dözsün canım bu sitəmlərə, Munca möhnətlərə, munca qəmlərə? Yarımın kuyində siz həmdəmlərə Bir də görüm bu biçarə yetərmi? Fələk məni böylə salmış avarə, Könül müştaq, göz müntəzir didarə, Mirzəcani, məgər o gülüzarə Sənin kimi bəxtiqarə yetərmi? Əyzən kəlami-Mirzəcan: Dağıdır huşumu, alır canımı, Hər baxanda o məstanə gözlərin. Çəkibdir üstümə xəncəri-xunriz, Batacaqdır məgər qanə gözlərin? Bilirəm, bilibdir qəmii izzətin, Qoy çəkməsin heç şadlığın minnətin, Çünki bilmiş ağlamağın ləzzətin, Qoy ağlasın yanə-yanə gözlərin! Bulunmaz mənimçün bir yaxşı həmdəm, Ərzimi yetirə yarə dəmadəm, Bircə baxa mənə, gözdən yaş tökəm, Bəlkə ola dərdim qanə gözlərin. Eylərsən axırda sən məni Sənan, Dönərəm dinimdən verəsən fərman, Bilmirsən edəcək canını qurban, Baxsa əgər Mirzəcanə gözlərin. Burada yazılanlardan başqa Mirzəcanın yenə çox yaxşı mürəbbeatı vardır ki, hamısını buraya salmağa ehtiyac yoxdur. Bir neçə müxəmməsləri də vardır ki, onlardan biri belə başlanır. Ey bivəfa yar, səni necə salım yadə mən, Qoymadın bir şad olam bu fəna dünyadə mən, Eyb deyildir sənə gəlmişəm fəryadə mən, Səndən qeyri kimsə yox, kimə gedim dadə mən? Dadrəsim yox mənim, qalmışam aradə mən i.a. Bir müxəmməsində Mirzəcan könlünə xitab edib deyir: İncinmə, könül kim, sənə imdad ola bilməz. Yardan pozulan dil dəxi abad ola bilməz. Ol zülfə giriftar olan azad ola bilməz. Rəhm olmasa ondan, bu könül şad ola bilməz. Gizlin qəmimi açmağa sərdar tapa bilməm i.a. Aşıq Pəri ilə bir-birinin müqabilində münazirə təriqi ilə yazdıqları müsəddəs və mürəbbe: Aşıq Pəri Şairi-sənsən zəmanə, mərdi-meydandan danış, Əzbər eylə dildə dəftər, cövhəri-candan danış, Yeddi yerdir, yeddi göydür, yeddi əzbərdən sual, Yeddi məna, yeddi qüslü yeddi gövhər həm kəmal, Yeddi bürcdə yeddi ulduz, həşt cənnət bimisal, Yeddi rəkət, yeddi imam, yeddi ərkandan danış! Mirzəcan Sevmə sən əfsanəni, gəl, ey Pəri, yardan danış, Neylərəm üqba işin, sən kimi dildardan danış, Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual, Tapmışam bir mürşidi, kəsb etmişəm ondan kəmal, Çəkmənəm rizvan qəmin bu dünyada versən macal, Aşiqə cövr eyləyən yari-sitəmkardan danış! Aşıq Pəri Yetgilən Qüdsi-Xəlilə miqdis ilə mahrasa Əqlini təğyir etdi, aldı sərdən kəlisa, Əzbər eylə hər saətdə zikri-Məryəm həm İsa, Gah İncil, gah Cəm-cəm, gah ərkandan danış! Mirzəcan Tapmışam Qüdsi-Xəlili, mahrasanı neylərəm? Əldə təsbih ilə zünnarü əsanı neylərəm? Bu Pəri şeyda qılıb, həzrət Musanı neylərəm? Sevmərəm Tövrat, Zəburu, sən çalan tardan danış! Aşıq Pəri Tapdığın tərsa yoludur, eyləmə zövqü həvəs, Badeyi-gülguna təhsin etməsin nitqü nəfəs, Qaidə-qanun budur qalü bəladən xaçpərəs Çağırar İsa, kəlisa göftügu candan danış! Mirzəcan Məndə can yox, eyləmə səyi-əbəs, bica həvəs, Mürği-can pərvaz edib, cismim qalıb xali qəfəs, Gəl mənə zülm eyləmə, naləm salır dünyaya səs, Aləmi qərqə verən bu çeşmi-xunbardan danış! Aşıq Pəri Ey Pəri, oldu dili-şeyda rədifi-əlbəəl, Sən təriqətdən ötüb, ürfan yoluna qoy məhəl, Yəmdə mahi, göydə günbəd var Mərrixü Zühəl, Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış! Mirzəcan Tapalı eşqin yolun bir böylə işi neyləriz? Əqlimiz heyran olubdur, dinü kişi neyləriz? Gəl edək zövqü səfa, molla-keşişi neyləriz? Mirzəcanı öldürən bu ah ilə zardan danış! * * * Mirzə Fətəli Axundov Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük. Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur. Şəki xanlığı baş tutubdur Nadir şahın Zaqafqaziyaya ləşkərkeşliyi zamanında — miladın 1734–1740-cı sənələrində. Şəki xanlarının zəmani-hökuməti yüz sənəyə kimi çəkibdir. Tarixi-məsihiyyənin 1819-cu səpəsində Fətəli xanın əyyami-hökumətində Şəki xanlığı bilkülliyyə Rus dövlətinin təhti-idarəsinə keçmişdir. Xanların əvəzinə onda rus çinovnikləri başlayır hökmranlıq etməyə. 1846-cı sənədə Nuxa şəhəri və Şəki mahalı əvvəlcə Şamaxı quberniyasının, sonradan Bakı və axırda Gəncə quberniyasının uyezdlərindən birisi hesab olunur. Bu halda Şəki mahalı Gəncə quberniyasının uyezdidir. Arxeoqrafiçeski komissiyanın tərtib qıldığı aktlardan belə məlum olunur ki, Kovalenskinin Gürcüstana nazir təyin olunduğu vaxtda Şəki hakimi Məhəmmədhəsən xan imiş. Əgərçi Kovalenski onu müfəttin, hiyləgər və qəzəbnak xanlardan birisi hesab edir, vəli "Asari-Dağıstan"da təhrir olunduğuna binaən, xanın işbilən və aqibəti gözləyən müdəbbir bir vücud olduğu görünür. Ağaməhəmməd xan onun əmlakını qəsb edib, gözlərini də çıxartdırmış idi. Ağaməhəmməd şahın qətlindən sonra yenə öz əmlakına sahiblənmiş idi. Gürcüstan ilə kor xanın əlaqəsi ancaq ticarət işlərində imiş. Zahirdə özünü Gürcüstana dost göstərərmiş isə də, batində onun dostluğuna və dəyanətinə etibar etməz imiş və Gürcüstan padşahlarını sevməz imiş. Məhəmmədhəsən xanın hərəmlərinin içində Tiflis knyazlarının birisinin qızı var imiş. O qızın atası bəzi vaxtlar qızını görmək niyyəti ilə Nuxaya gəlib, orada vaqe olan siyasi işlərə dair bəzi məlumat cəm edib apararmış. Sabiqdə Şəki əhli öz xanlarına tabe və çox zirək tayfa imiş. Belə cəld və qoçaq camaatın vasitə və köməyi ilə Şəki xanı çox işlər görə bilərmiş. Çifayda, Məhəmmədhəsən xan gözsüz olduğuna görə, ancaq öz başını hər tərəfdən hücum edən düşmənlərdən qorurmuş. Xani-mərhum vəfat edibdir miladın 1804-cü ilində. Şəhərin içində şayani-diqqət tikililərdən Nuxa xanlarının sarayıdır ki, 1765-ci sənədə İran padşahlarının qəsri səbkində təmir olunubdur və bundan əlavə şəhərin yuxarı səmtində çəkilmiş hasardır ki, bunun içində əlan rus qoşunu sakin olmaq üçün kazarmalar tikilibdir. Hasar bir şəkildə təmir olunubdur ki, ona diqqət olunsa, "Məhəmməd" kəlməsi oxunar. Şəhərin abü havası mötədil və səlamətdir. Çahar fəsli çox düz və hər fəsil öz iqtizasına müvafiq gəlib keçir. Şəhərin içində hər tərəf sular və çeşmələr axır; hər evin özünə məxsus məhəlləsi və bağçası olduğundan şəhər yaşıl yarpaqlar ilə əhatə olunubdur. Ətrafda olan dağ ətəyindən Nuxaya tamaşa etdikdə gözün qabağında gözəl bir mənzərə açılır, ruh təzələnir. Uca və böyük ağacların arasından minarələr dəxi göy tərəfinə sərkeşlik edib, guya zəbani-hal ilə onlara deyir: Nə qədər siz uca olsanız da, bizim rütbəmiz və hörmətimiz sizinkindən əladır; bizim başımızdan "allahü əkbər" sədası, sizin üstünüzdən qarğa və dolaşalar qaqtıltısı eşidilir. Şəki mahalında qədimdən barama qurdu saxlamaq adəti olmağa görə, burada Zaqafqaziyanın sair yerlərindən artıq barama becərilir və Nuxa tacirlərinin ümdə alış-verişi barama və ipək ilədir. Bu halda Nuxada işləyən ipək zavodlarının ədədi ildən-ilə artmaqdadır. Zavodların artmağı bir tərəfdən şəhərin fəqir-füqərasına məaş verirsə də, digər tərəfdən havanı pozğun və xarab edir və fəhlələrin bədənlərinə böyük zərər toxuyur. Biçarəlar dar və rütubətli zavodlarda səhərdən axşamadək işləməkdən və mütəəffin hava ilə nəfəs almaqdan vaxtsız-vədəsiz solub, qisim-qisim mərəzlərə mübtəla olurlar. Nuxa əhli sabiqdə nə qədər elmü mərifət və kəsbi-kəmal və sərvət cəhətincə geridə imişlərsə də, bu axır vaxtlarda qəflətdən ayılıb kəmali-ciddiyyət və sürət ilə irəli getməkdədirlər. Ülum və maarif təhsilinə canü dildən qurşanıblar. Nuxa şəhərində hicrətin 1227-ci sənəsində — ki, miladın 1812-ci ilin mütabiqdir, — bizim böyük və möhtərəm ədibimiz və əvvəlinci dramayazanımız və müqtədir mütəfəkkirimiz Mirzə Fətəli Axundov təvəllüd edibdir. Mirzə Fətəlinin özü fars dilində yazdığı tərcümeyi-halı 1887-ci sənədə "Kəşkül" qəzetinin; 43, 44, 45-ci nömrələrində dərc olunubdur. İşbu təfsilatı ən möhkəm və doğru bir mənbə hesab edib, burada onu eyni ilə türkə tərcümə edirik. Tərcümeyi-Halını Mirzə Fətəli bu sayaq başlayır: "Mənim atam Mirzə Məhəmmədtağı Hacı Əhmədin oğludur. Onun babaları fars tayfasındandır. Atam cavanlığında Təbriz həvalisində Xamnə qəsəbəsinin kəndxudası olubdur. Bu mənsəbdən məzul olandan sonra 1811-ci sənədə ticarət əzmi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində sakin olubdur və burada məşhur Axund Hacı Ələskərin qardaşı qızını nikah edibdir. Bu mənkuhədən mən tarixi-məsihiyyənin 1812-ci sənəsində vücuda gəlmişəm. Bu tarixdən iki il keçmiş Şəki vilayətinin hakimi Cəfərqulu xan vəfat edir. Bu səbəbə görə, İran qəribləri — ki, Cəfərqulu xanın himayəti altında zindəganlıq edirlərmiş, — onun vəfatından sonra öz vətənlərinə qayıtmaq qəsdinə düşürlər. Mənim atam da onun silkində arvadı və oğlu ilə Xamnə qəsəbəsinə müraciət edir. Dörd sənə burada qalandan sonra mənim anam atamın o biri arvadı ilə — ki, Xamnə əhlindən idi, — yola getmir və ərindən xahiş edir ki, onu mənimlə bir yerdə əmisi Axund Hacı Ələsgərin yanına göndərsin. O əsnada Axund Hacı Ələsgər də Ərdəbildə Şəkinin sabiqi hakimi Səlim xanın müsahibətində zindəkanlıq edirmiş. Atam anamın xahişini qəbul edib, onu mənimlə əmisinin yanına göndərdi. Bu tarixdən mən atamdan ayrılıb bir də onu görmədim; anamın əmisinin yanında oldum — Horand qəryəsində ki, Qaradağ kəndlərindən birisidir. Bir ildən sonra Axund Hacı Ələsgər təlim və tərbiyəmə şüru edib, əvvəl Quranı mənə oxutdurdu. Quranı tamam edəndən sonra yavaş-yavaş fars və ərəb kitablarından başladı mənə dərs verməyi. Axund Hacı Ələsgər mümtaz bir fazil idi və cəmi ülumi-islamiyyədən, — xah farsi olsun, xah ərəbi, --kamil ittilaı var idi. Mərhum məni oğulluğa qəbul elədi və xalq arasında "Hacı Ələsgər oğlu" adı ilə məşhur oldum. İki ildən sonra Horand qəryəsindən Ənkut qışlağına köçüb Vəlibəyli obasının içində sakin olduq. Bu vaxtlarda Mustafa xan Şirvani El-Ənkut qışlağında Şəkərli adlanan bir mahalda sakin olurdu. Bu gözəl xasiyyətli və nəcib xandan mənim ikinci atam[1] --yəni Axund Hacı Ələsgər xeyli himayətlər və vəsfdən ziyadə yaxşılıqlar gördü. [1]-Mərhum mirzə hər yerdə Axund Hacı Ələsgəri "ikinci ata" ləqəbi ilə zikr edir. Bu əsnada — ki, tarixi-məsihiyyənin 1825-ci ili idi, — Axund Hacı Ələskərin böyük qardaşı Məhəmmədhüseyn Şəki vilayətindən Ənkut mahalına gəlib, qardaşını, məni və anamı vətəni-məlufa apardı. Axund Hacı Ələsgər əvvəl ili Gəncə şəhərində məskənət elədi. Bir ildən sonra İran dövləti ilə rusların davası başlandı. O müsibətlər — ki, bu müharibədən Axund Hacı Ələsgərə və onun əyalına üz verdi və o bəlalar ki, ona düçar oldular və cəmi əmvalü əcnasdən əlləri boş qaldı, — Gəncə qalasında tarac oldu və özləri müflis halına düşdülər, — onların cümləsini yazmağa yer yoxdur; kitab və dəftərə sığınmaz. Əlqissə, İran qoşunu şikəst tapandan sonra Axund Hacı Ələskər öz əyalı ilə Nuxa şəhərinə gəlib burada aram oldu və burada mənim təlim və tərbiyəmə kəmali-ehtimam ilə əmək sərf elədi; fars və ərəb dillərini özü mənə öyrətdi. Hətta məni Dağıstan ləzgilərinin tələbələri kimi fars və ərəb dillərində mükalimə etməyə mötad qıldı. 1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgərin Həcc səfəri lazım oldu. Өzü ilə məni Gəncəyə gətirib Axund Molla Hüseyn adlı alim bir şəxsin yanında qoydu və ona tapşırdı ki, mənə məntiq və fiqh kitablarından dərs versin; özü azimi-Məkkə oldu. Bu vaxta kimi mən fars və ərəb dillərini oxumaqdan başqa bir şey bilməzdim və dünyadan bixəbər idim və ikinci atamın muradı bu idi ki, mən ülumi-ədəbiyyəni təhsil edib ruhanilər silkinə daxil olam və mollalıq ilə başımı dolandıram. Amma başqa bir qəziyyə üz verdi və bu, niyyətimin fəsxinə bais oldu. Əlqissə, ikinci atam Axund Hacı Ələsgər Həccdən qayıdandan sonra mən də Nuxaya gəldim və burada bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhai əleyhirrəhmənim "Xülasətül-hesab" adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım. Çünki yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir deyil idim. Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə bahəm məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfəri mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artsın, qüvvət tapsın. Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xisallı bu əmir ikinci atamın iltimasını fövrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqımda zahir qıldı ki, təmamisini vəsf etməkdə acizəm. Ol vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının nəzdində əlsineyk-Şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm. Xüsusən, mütəvəffa general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyün-neməm olubdur və bu əmiri-kardan və rövşənzəmirin iltifatının vasitəsilə məndə müsənniflik qabiliyyəti büruz edibdir. Altı komediya — yəni təmsil türk-Azərbaycan dilində təlif edib hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub; əvəzində bir çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında — ki, onun da banisi knyaz Vorontsov olubdur, — səhneyi-tamaşaya qoydular. Hüzzari-məclisdən çox təriflər və afərinlər eşitdim. Ondan sonra "Yusif şahın hekayəti"ni[2] yenə türk dilində yazdım. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq curnallarında xeyli tərifnamələr yazılıbdır. [2]- "Yusif şahın hekayəti"ni — ki, "Aldanmış kəvakib" adı ilə məşhurdur, — ikinci dəfə olaraq türk dilindən rusa biz tərcümə edib "Vestnik Kafkaza" adlı curnalın 5-ci nömrəsində 1901-ci sənədə çap etdirmişik. Bu hekayənin əvvəlki tərcüməsindən bizim xəbərimiz yoxdur və mütərcimi kim olubsa, o da bizə məlum deyil. 1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babında bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli mətin dəlillər vasitəsilə sübuta yetirmişəm. 1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyiəfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalını elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Kruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliyavü ərkanından təvəqqe eləsin, ta ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər. Əlifbanın təğyiri babında tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədri-əzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və "Yusif şahın hekayəti"ni də nişan verdim. Kitabçamı sədri-əzəm həzrətlərinin əmri ilə Osmaniyyənin Cəmiyyəti-elmiyyəsində mülahizə edib hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur. Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan-sağa yazıb oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hüruflarından intixab edib, təzə bir əlifba tərtib eləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanınca yazmaq. Xülasə, sillabi əlifbanı alfabiti əlifbaya mübəddəl etmək. Həqirin bu rəyini də İstambul üləma və vüzərası öz fəhmü qanacaqlarına müvafiq görmədilər və qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramü arzuma çatmayıb İstambuldan geri qayıtdım. Əgərçi Osmaniyyə dövlətində müsəlman əlifbasının təğyiri babında etdiyim fikir və xəyal nəticə vermədi və qəbula keçmədi, amma bu zəhmətin əvəzində bəndəyə "Məcidiyyə" nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm, başağrısı olar. Müşarileyh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənimlə böyük ədavəti var imiş. Vəli onun ədavətindən mən qafil imişəm və onu özümə dost hesab edib evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dininin və müsəlman dövlətlərinin bədxahı nişan verdi. Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam və halanki dramaya dair əsərlərin şərti və xüsusən, komediyanın təqazası xəlayiqin eyiblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir. Çün müşarileyh drama fənnini, onun şərtlərini anlamır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir və hiyləvü təzvirdən və büxlü həsəddən və hirsü tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur, ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğzü ədavətimdən naşidir. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim. Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça yazıb Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi qərar üzrə sağdan-sola yazmağı nişan verdim, Tehranda da həmçinin mənim bu fikrü təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub bir məqamda qərar tutmayıbdır. Digər öz dövlətimin ərkanü böyükləri icazəsi ilə Osmanlı dövlətinin sədri-əzəmi olan Əli paşaya əlifba məsələsinə dair bir kitabça yazıb Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq Osmanlı danişməndlərindən Süavi əfəndinin əlifbamız barəsində yazdığı tənqidi (kritikanı) dəxi qoşdum. Vəli bu kitabça da bisəmər qaldı. Əlifbanın təbdili xüsusunda bu qədər səyü təlaşım nəticəsiz qaldığını və bu əhvalın güzarişini fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm[3]. Bu macəradan sonra Rzaqulu xan "Hidayət" təxəllüsün "Rövzətüs-səfa"ya mülhəqat tərzində yazdığı tarixə müxtəsər bir tənqid (kritika) yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, "Məliküşşüəra" ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb öz aşinalarıma Tehrana göndərmişəm. [3]- Bu mənzumə aşağıda yazılacaqdır. Əlan — ki, tarixi-miladiyyənin 1878-ci ilidir,--ömrüm altmışdan keçibdir. Rus dövlətinin mərhəmətindən irəliki xidmətimdə qalıb, onun lütfü himayətində bəhrəməndəm". Mərhum Mirzə Fətəlinin öz yazdığı seyr-sülukundan maəda bir para məlumat onun oğlu mərhum Rəşid bəy cəm edib bizə göndərmişdi ki, məqamı gəldikcə onlardan bəhs olunacaqdır. Necə ki, öz yazdığı tərcümeyi-halından görünür, mirzə uşaqlıqdan yetim qalır. Bu yetimlikdə böyük əlamət var. Tarixdən xəbərdarlığı olanlara məlumdur neçə-neçə böyük şəxslər — ki, ibarət olsun hükəmavü üləmadan, məşhur reformatorlardan, din və şəriət sahiblərindən, — uşaqlıqdan yetim qalıblar. Vəli heç bir yetimi allah-taala sahibsiz və hamisiz qoymayıbdır. Mirzə Fətəli də körpə vaxtından yetim qalıbsa da, artıq üsrət və zəhmət çəkməyibdir. Axund Hacı Mirzə Ələsgər atalıq və analıq vəzifəsini öhdəsinə götürüb, nəvəsi mənzələsində olan balaca Fətəliyə lütfü nəvazişlərini əsirgəməyibdir və öz istəkli övladı kimi onun təlim və tərbiyəsinə məşğul olubdur. Balaca Fətəli dəxi onu atası kimi istərmiş və ömrünün axırına kimi zikri-xeyir ilə yad edərmiş. Mirzeyi-mərhum Gəncədə Axund Molla Hüseyn Gəncəvidən təlim almağı filcümlə yad edirsə də və mollalığa hazırlaşdığı əsnada onun fikirlərinin dəyişirilməsini və başqa bir qəziyyənin üz verməsini ötəri işarə edirsə də, amma həqiqəti-halı bəyan etmir. Mərhum Rəşid bəyin bizə verdiyi məlumatdan belə zahir olunur ki, möhtərəm atası Gəncədə olan zamanı məşhur Mirzə Şəfi ilə görüşüb tanış olur. Səhih rəvayətə görə, Mirzə Şəfi İrandan gəlib Gəncədə müvəqqəti olarmış, özü də alim və fəlsəfəməslək bir vücud imiş ki, hər bir şeydən xəbərdarlığı var imiş. Əfqanlı Şeyx Cəmaləddinin və Mirzə Mülküm xanın və İranın bir neçə təzə fikirli adamları ilə ülfət və əlaqəsi var imiş. Bununla belə gözəl və mövzun təbi var imiş. Mirzə Şəfinin bir çox əşari-nəfisəsi və asari-fəlsəfiyyəsi Avropada və xüsusən Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzə Şəfinin məcmuəsi Bodenştedt[4] adlı alim bir şəxsin ehtimamı ilə nemsə dilinə tərcümə olunubdur. [4]-Bilmək gərəkdir ki, Bodenştedt nemsə ədib və şairlərinin məşhurlarından birisi hesab olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenştedt 1840-cı səneyi-miladidə Moskva şəhərinə gəlib, orada knyaz Qalitsinlərdən birisinin mürəbbisi olur. 1844-cü sənədə Qafqaz canişini general Neydqardtın təklifi ilə Tiflisə gəlib, indiki şəhər müəllimləri hazırlaşdıran məktəbə (Aleksandrovski instituta) müdir olur. Bodenştedt bu mənsəbində bir ildən ziyadə qalmayıb istefa verir və sonra Qafqazın çox yerlərini və Krım vilayətini seyrü səyahət edib bir çox məlumat və təcrübələr kəsb qılır. Gəncə şəhərində olan vaxtı Mirzə Şəfidən fars dilini öyrənir. Sonra Bodenştedt vətəninə müraciət edib, Berlin şəhərində "Qəzəliyyati-Mirzə Şəfi" ünvanında öz əşarını çapa verir. "Qəzəliyyati-Mirzə Şəfi"də olan müəssənat və lətafət bir dərəcədə nemsələrə xoş gəlir ki, 123 dəfə peydərpey çap olunur. Bəzi rəvayətə görə, "Qəzəliyyati-Mirzə Şəfi" mərhum Mirzə Şəfinin öz kəlamıdır ki, onu Bodenştedt farsdan nemsəyə artıq məharətlə rəvan dildə tərcümə edibdir. Bəziləri dəxi bu qövlə şərikdirlər ki, Mirzə Şəfi xud Bodenştedt özüdür ki, "Mirzə Şəfi" ləqəbini özü üçün intixab etmişdir. Amma bu qövl səhih deyil. Səhihi budur ki, Mirzə Şəfi əslən İran əhlidir. Gəncədə sakin olduğu əsnada Bodenştedtin oraya səfəri düşür onunla tanış olub bir müddət məclisində iqamət edib dilini ondan təhsil etmişdir. Bodenştedt və əsərlərində Mirzə Şəfini "ustad" ləqəbi ilə yad edir. Bəli, Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini müşahidə edib və gözlərindən yağan anlaq və mərifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüqua gəlməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Bundan sonra cavan Fətəli ruhani olmaq fikrindən bilmərrə daşınıb, Avropa mədəniyyəti ilə aşina olmaq niyyətinə düşür və dövləti xidmətlərdən birisinə daxil olmağa meyil edir. Bu əsnada mərhum Axund Hacı Mirzə Ələsgər Həccdən müraciət edir və — necə ki, zikr olundu, — öz nəvəsinin əvvəlcə rus dili öyrənməyinə və sonra qulluğa girməyinə səbəb olur. Bu qulluqda (Qafqaz canişinlərinin mütərcimliyi mənsəbində) Mirzə Fətəli ömrünün axırına kimi qalıb, sədaqət və ixlasla öz vəzifəsini əda eləyir və hüsni-xidmətləri əvəzində neçə-neçə nişanlar və polkovnik çini alır. Qulluq işlərindən fariq olduqda asudə vaxtlarını mirzə rus kitablarının mütaliəsinə sərf qılıb, bir çox məlumat kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə dair, siyasi və iqtisadi elmlərinə məxsus kitablar imiş. Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində tarixi-məsihiyyənin 1878-ci ilində may ayının 28-də ki, tarixi-hicrətin 1294-cü sənəsinə və cəmadiyül-əvvəlin 27-ci gününə təsadüf edir[5]. Dəfn olunubdur Tiflis qəbiristanlığında. [5]-"Kəşkül" qəzetinin verdiyi xəbərə görə, mərhum Mirzə Fətəlinnn vəfatı ittifaq düşübdür haman ildə fevral ayının 28-ci yövmündə. Axundovun tərcümeyi-halına dair yazdığımız bu qədər məlumata iktifa edib, onun əsərlərindən və millətə göstərdiyi hüsni-xidmətlərindən filcümlə danışmağı burada lazım görürük. Mirzə Fətəli Axundov, demək olur ki, müsəlmanların əvvəlinci reformatoru olubdur. Müsəlman məişətinin köhnə və çürümüş əsaslarını pozan və islam tərəqqisinə mane olan üsulü qəvaidin təğyirü təbdili yolunda ən əvvəl sərfi-himmət edən bu zati-ali olubdur. İyirmi sənədən ziyadə mirzə müsəlman kitablarının mütaliəsi ilə məşğul olub, yenə onları rəvan oxumaqda özünü aciz görür. Amma rus əlifbasının vasitəsilə bir az vaxtda çox şeylər öyrənir və rus hərfləri ilə yazılmış kitabların kaffəsini asanlıq ilə oxuyur. Bu hal mirzəni mütəhəyyir edir və onun diqqətini cəlb edir. Bu qədər məktəblər küncündə ömürlər sərf edib axırda yenə bisavad və elmdən bibəhrə qalmağımızı mirzə əlifbamızın qüsurundan görür. Bu qüsuru rəfü dəf etmək üçün, oxumaq və yazmaq məsələsini asanlandırmaq üçün özü təzə bir əlifba tərtib edir. Bu əlifbada mirzə nöqtələri götürüb, yazıda nişanı və asarı olmayan hürufi-müsəvvətə üçün və hərəkələr əvəzinə müəyyən nişanlar icad edir. Bununla oxumaq və yazmaq məsələsini bir növ yüngülləşdirir. Vəli avam xalqın qorxusundan və mütəəssib və fanatik ruhaniləri ürkütməməkdən ötrü Mirzə Fətəli müsəlman hərflərini bilmərrə dəyişməyib, onların ibtidasına və ya axırına bəzi nişanlar qoşur və bu vəch ilə yazılmış kəlmələrin düzgün olunmağını qaydaya salır[6]. [6]-Əlifbamızın qüsuru babında öz fikrü rəyimizi 1898-ci ildə "Kavkaz" qəzetinin 230, 238, 264-cü nömrələrində müfəssələn yazmışıq. Filhəqiqə, ərəbdən götürdüyümüz sillabi xəttdə o qədər qüsur və nöqsanat vardır ki, təhrirə sığası və təqrirə gələsi deyil. Ümum müsəlman tayfalarının tərəqqi və təali yolunda Avropa əhalisindən bu qədər dalda qalmaqlarının böyük səbəblərindən birisi də həmin mayeyi-səadətimiz və məbdəyi-tərəqqimiz olan oxumaq və yazmaq alatü əsbabının qüsur ilə dolu olmağıdır. Bir əlifbanın ki, irabü hərəkəsi və qədri-kifafınca hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmasın və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə tərzdə oxunmağına yol versin, onun bu tərəqqi əsrində bəqası [səlah] deyil və nə qədər təbdil və təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik və sürətlə qabağa gedərik; dünya və axirət işlərimiz qaydaya düşüb öz yolu ilə rastü rahat gedər. Ülumü fünundan — ki, bu qədər bəhs edib, məclislərdə və məhfillərdə danışırıq, qəzetə və curnallarda yazırıq, — heç biri bizim üçün müyəssər olmur. Hürufumuz təbdil olduqda qilü qalsız asan vəch ilə cümləsindən bəhrəmənd və mənfəətbərdar olarıq. Xətti-alfabiti[7] — ki, Avropa millətləri arasında icravü istemal olunur, — dillərdə eşidilən cəmi sövtləri əksiyi otuz, artığı otuz beş ədəd hərflərin vasitəsilə əda edilir. [7]-Firəng dilində xətti-alfabiti o xəttə deyilir ki, kəlmələr hürufi-məqtəə vasitəsilə tərtib olunur. Amma xətti-sillabidə kəlmələr hürufi-müttəsilə vasitəsilə düzülür. Xətti-alfabitidə hər bir hərf özünə məxsus şəkildə həmişəlik qalır; xətti-sillabidə bir hərf öz məqamına görə, neçə cürə şəklə düşür. Bizim hərflər kimi kəlmənin başında bir şəkildə yazıldıqda ortasında başqa və axırında özgə şəkildə yazılır. Az-çox tərbiyəli və ağlı salamat adam əcnəbi millətin xətti-alfabitisi ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa başlar. Bisavad uşaq iki ayın müddətində oxuyub-yazmağa qadir olur. Bir adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə təb olunmuş kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim çox dərin oxumuş mollalarımız aşina olmadığı kitabı oxumaqda aciz qalırlar. İki sətir güc ilə oxuyub duruxurlar; eşitmədikləri bir sözü düz oxuya bilmirlər. Bunda təqsir, əlbəttə, mollalarımızda deyil, təqsir bu sillabi xətt ilə tərtib olunmuş əlifbamızdadır. Burada həqiqət gün kimi aydın və rövşəndir. Əqli-səlim sahibi hərgiz bu doğrunu inkar edə bilməz. Amma avamlığın zoru, adətü ayininin gücü bizim canımıza bir dərəcədə sirişt edibdir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq; çətini dərk edib, asanı götürməyə cürətimiz yoxdur. Hər halda piyada atlıya və atlı dəmir yol (vapor) ilə gedənə və havada uçana yoldaş olmayan kimi, biz müsəlman qövmü millətləri dəxi qədimi heroqlif şəklində düzülmüş əlifbamız ilə mədəniyyət aləmində bu qədər sibqət edən və hünərlər göstərən Avropa millətlərinə yoldaş deyilik və ola da bilmərik. Mərhum Mirzə bu barədə yazır: "Əgər əlefbaye-melləte-eslam əlfabeti budi, nə sillabi və neveştən həm əz tərəfe-dəste-çəp betərəfe-dəste-rast budi, çenan ke, rəsme-xətte-əlfabetist, melləte-eslam dər aləme-sivilize, yəni tərəqqiyo mədəniyyət bər melləte-Orupa bişobhe sebqət costəndi, beelləte-in ke, dər ebteda toxmesivilize dər xake-eslamiyan ağaze-ruyidən kərd. Əmma bevaseteye-səubəte-xəttb-sillabiye-eslamiyan olumo məaref fi ma beyki-omumu-ouzafe-in mellət təmim nəpəziroft və toxme-sibilize dər xake-eslamiyan puside, zay gərdide və dər xake-Orupa bevaseteye-səhuləte-xətte-əlfabetiye-əhləş ruyənde şod. Hezar əfsus ke, ouliyaye-melləte-esdam vocube-təğyire-əlefbaye-xodeşanra dərk nemikonənd və in mətləbe-rouşəntər əz aftabra nemifəhmənd və saere-omuratra əz qəbile-tənzimate-cədide və təmire-toroqe-cədidiyye və səfayene-boxariyye və keşidəne-cədavele-tilğerafiyye və təcdide-əsləheye-hərbiyye və əmsale-zalik ke, nesbət betəğyire-ədefba foruatənd bər in əhle-hərkar və bər in qtaybəste-hər divare-morəcceh miengarənd, zəhi bodbəxtist ke, adəm dər in mellət əz aləme-ədəm beərseye-vocud qədəm qozarəd və həqqra befəhməd və nətəvanəd ke, behəmmellətane-nadane-xod befəhmənəd və beənduho həsrət əz donya berəvəd. Emza: Mirza Fəthəli Axundzade". Mirzeyi-mərhum böyük təmənnalarla tərtib qıldığı əlifbanın Rum və İranda qəbul olunmadığını, avam ve kutahnəzər İranda vəzirlərinin İstambulda müqim İran səfiri Mirzə Hüseyn xanın büğzü ədavətini və filcümlə öz hali-dilini fars dilində yazılmış mövzun bir mənzumədə bəyan etmişdir ki, eynən və təbərrükən aşağıda dərc olunur. Bu mənzumə Firdovsiyi-Tusi əleyhirrəhmənin inşad qıldığı "Şahnamə"si tərzində yazılmışdır. Bu kəlamdan Mirzə Fətəlinin fünuni-şerdə mahir və xoştəb bir şair olduğu zahir olunur. Mənzumənin ünvanı bu sayaq yazılıbdır: Mənzumeist ke, Kolinel Mirza Fəthəli Axundzade --motərceme-caneşine-Qafqaz dər vəsfe-hale-xod qofteəst dər səneye-1284: Beənduho həsrət məra ruzeqar Sər aməd dər in deyre-napaydar. Bebesyare-tədbirha çəngzən Həmibudəm əz ferte-hobbe-vətən. Nəbəxşid səyəm vəli haseli Nədidəm dər in əsr sahebdeli. Bozorqane-torkano İranzəmin Həme xofte budənd ço xəlqe-Çin[1] Cəzaniyəm rəft zəbun gəşt zur, Cəvani nədidəm ba zouqo şur. Səfər kərdəm əz rahe-dərya be Rum, Əlefbae-noura dər an mərzo bum[2], Nəmudəm beərkane-doulət təmam, Xəyaləm bəsi poxte budo nə xam. Yekayek beqoftənd səd afərin, Cəhan şod beçeşməm ço xolde-bərin. Məra paykəhe-biştər saxtənd, Beəname-şahan benəvaxtənd -- Ke, naqah yek mərdəke-zərdçehr[3] Be came-moradəm bər amixt zəhr. Be pişe-vəziran ura rah bud, Məra doşməne-dino doulət nəmud. Bedin tohməte-an mərde-napakzad Məra pişe-hər kəs həmikərd yad. Bevəhşət dər əfkənd torkanra, Bozorqane-şurayo ərkanra, Əz u hiç şod rənce-dəhsaleəm, Şenid aseman əz zəmin naleəm. "Resəd pak yəzdan befəryadi-mən Be məhşər setanəd əz u dade-mən"[4] Şenidəm ke, babaş dər kudəki Be Qəzvin bud əz saderuyan yeki. Benaçar bər gəştəm əz xake-Rum -- Ke, mandən dər anca məra bud şum. Ferestadəm an gəh be Tehran xəbər Əz in rəftəno amədəne-bisəmər. Neveştəm yeki nameyi-delpəzir Bename-vəzire-olum əz əbir. Əlefbae-noura neşan dadəməş, Dəre-nou beferdous beqoşadəməş. Nədanəm məgər hemmətəş pəst bud, Nədanəm məgər ruzo şəb məst bud -- Ke, nədad bər mən cəvab in vəzir, Nəşod bər moradəm məra dəstgir. Vəzire-digər dər ləbe-softe bud, Dər in məsəle rəye-xod qofte bud -- Ke, ma xəlqe-İran ze xordo bozorg, Ze gəbro ze tərsa, ze fərso ze tork, Həme zirəko mərifətpişeim, Ze fərte-zəkavət porəndişeim. Ze doşvariye-xət nədarim bak, Bekuran səzəd rəhnoma əz məğak.[5] Nəgirim nou xət əz hiç kəs. -- Ke mara xətto zehne-ma həst bəs. Pəs an gəh əz in rəy balide bud, Kəfe-dəst bər riş malide bud. Həme səfneşinan dər an əncomən Bedu qoft: "Əhsənət, ey rəyzən. Behərfe-dorostət hezar afərin, Behekmət nəgərdəd tora kəs qərin. Delət rouşənəsto kəlamət səvab, Nədarəd Ərəstu berəddəş cəvab". Dəriğa şəhənşahe-bafərro huş Ze kerdare-kuran neşinəd xəmuş. Dəriğa ke, fərmandehe-dadgər Nədid in əlefbara sərbesər. Doriğa ke, dər əhde-firuze-u Vəziri nədidəm ba aberu. Həme portəmə, bihonəro bixerod, Bexubi kəsi nameşan key bərəd. Əgər çe dər ağaze-əhdəş be Şərq Vəziri derəxşid manənde-bərq, Vəli u vəziri çö Baris[6] bud -- Ke, dər molke-rusan vəzarət nəmud. Ço hər kar mikərd bidəxəle-şah, Ço Baris gərdid omrəş təbah. Həmin rəmzra fəhməd in padşah -- Ke, ura bəqa bad çon mehro mah. Ke, doulət pərəstare-mellət bud, Nə mellət, pərəstare-doulət bud. Əya çalese-məsnəde-Keyqobad, Bər an şəhriyariyət cavid bad! Şenidəsti axər ke, dər molke-rus Ço xubi be mellət Alesandrus Be hemmət, beqeyrət, benamus kərd, Benamavəri dər cəhan gəşt fərd. Şenidəsti axər ke, Palmereton[7] Çe kərde bəraye-britaniyan? Şenidosti axər to Vilhelmra[8] Krale-xerədmənde-zielmra, Nəyasayəd əz rənco kuşeş dəmi Beheştəst molkeş bedourəş həmi. Şenidəsti axər to Bismarkra[9] Ke, əfraşt bər fərq dan fərqra. Çe tədbirha sər zəd əz rəye-u, Bəraye-vətən gəşte xod cəngcu. Şenidəsti axər ke, dər parsal Ğribaldi[10] ba zəne-məhcəmal Çe san cənghaye-dəlirane kərd, Vətənra mosəffa ze bigane kərd. Behər ca ke, məşğule-peykar bud, Zənəş dər qəfayəş vəra yar bud. Şenidəsti axər to Linkolnra[11] Çe sap kərd canra be mellət fəda. Şenidəsti axər Tyerra[12] ke, hal Ze omrəş qozəşteəst həştad sal, Bəraye-vətən daema dər ğəməst Nə dərbənde-asayeşo derhəm əst. Çe kərde vəziranət, ey padşah, Be kerdare-işan to xod şo qovah. Vəziran nəkərdəəst bireyb hiç, Gəh əz dər dorude, gəh əz dərde-piç. Pəs işan nəyərzənd yek cou bər an, Ze dərgahət, ey xosrove-xosrovan, Vəziran ba elmo hekmət bexah, Nəcabət rəha kon, fəzilət bexah. Ke, ta molk arayeşe-tazei, Bekirəd fəra xor əndazei. Əlefbae-noura bekar avərənd, Nehale-səadət bebar avərənd. [1]- Bu halda Çin xalqı da qəflətdən ayılıbdır, vəli İran zəminin böyükləri yuxudan doymurlar və hirs--tamahdan bizar olmurlar. [2]- Mirzənin Ruma səfəri hicrətin 1260-cı sənəsində olubdur ki, miladın 1863-cü ilinə mütabiqdir. [3]- Mirzə Hüseyn xana işarədir. [4]- İn do fərd əz Ferdousiye-Tusist ke, bemonasebətariye şodeəst. — Mirzə Fəthəli. [5]- Məğak-- çuxur və nahəmvar yer. [6]-Boris Qodunov — rus əyanından (boyarlardan) birisininadıdır ki, üç yüz əlli il bundan müqəddəm Rusiyada iğtişaş zamanı bir müddət vəzirlik edib, sonra məsnədi-səltənəti dəxi qəsb etmişdi. Ziyadə ağıllı və pürtədbir bir zat imiş. Vəli xəyanəti ucundan axırda bədbəxt və bədfərcam oldu. Heyfa ki, Mirzə Fətəli Borisə felü əməlində oxşayan İran vəzirinin adını zikr etməyib mətləbi pərdəli söyləyir. [7]- Palmerston — İngilis dövlətinin vəziri olubdur ki, onun politikası sayəsində ingilis dövləti bir çox yerlərə malik olubdur və nüfuzunu Şərq və Qərbdə artırıbdır. Təvəllüd edibdir miladın 1784-cü sənəsində və vəfat edibdir 1875-ci tarixdə. [8]-İndiki nemsə imperatoru Vilhelmin babasıdır. Ziyadə müdəbbir və millətpərəst bir padşah imiş. [9]-Bismark — Almaniya dövləti vəziri-əzəmi olubdur. Təvəllüd edib miladın 1815-ci ilində; vəfat edib 1898-cn sənədə. KnyazBismark öz vaxtının ən müqtədir və dəqiq politikaşünaslarından hesab olunur. Onun vəzarəti zamanından Almaniya dövlətinin şənü hörməti uca məqama yetişdi. [10]-Harribaldi — italiyalı bir bahadırın adıdır ki, vətənini biganələrin əlindən xilas edibdir. Təvəllüdü miladın 1807-ci, vəfatı 1882-ci sənəsində vaqe olubdur. [11]-Linkoln — yeni dünyanın — Amerikanın cümhuriyyət rəisi olubdur. Amerikada həbəşlərin (qara qulların) hürriyyəti yolunda bahadıranə cəng edib, onları əsirlikdən azad edibdir. Təvəllüdü miladın 1809-cu, vəfatı 1895-ci sənələrində olubdur. [12]-Tyer — Firəngistanın məşhur müvərrixi və sonradan bir çox böyük xidmətləri ifa edəm millət hamisi və hürriyyət tərəfdarı olan böyük bir zat imiş. Təvəllüdü miladın 1797-ci və vəfatı 1877-ci illərində vaqe olubdur. Xetab bər duste-xod ke, ebarət əz Ruhol-qodsəst: Bəsi şekve xordəm, soxən şod deraz, Qozəştəm, nəxahəm tora did baz. Sepordəm beəhde-to in karra, Sərəncame-in rənco bimarra. Mirzə Fətəlinin bu mənzum şikvəvü naləsi Firdovsi əleyhirrəhmənin Sultan Mahmud Qəznəvi haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəi bidadlıq və ədalətsizlikdən nəşət edən nalələrdir. Axundov ustadi-kamili məqamında olan Firdovsiyi şirinkəlama peyrəvilik etməkdə artıq dərəcədə məharət büruz etmişdir. İranzəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətədək baqi qalacaqdır və yumaq və qazımaq ilə getməyəcəkdir. Mirzeyi-mərhum müsəlman əlifbasının təğyiri və təshili uğrunda çox zəhmətlər çəkib, töhmət və məzəmmətlər eşitdi; ömürlər sərf qıldı, vəli işin axırını bir yana çıxarda bilmədi və ürəyi həsrətlə bu dünyadan getdi. Əlifbanın təğyiri babında fars və türk dillərində bir neçə tutarlı məqalələr yazıb, möhkəm dəlillər ilə onun qüsurunu və islam aləminin tənəzzülünə bais olmasını sübut etmişdir. Fransa ədib və mütəfəkkirlərindən Şarl Mister Osmanlı dövlətinin sədri-əzəmi Əli paşaya müsəlman əlifbasının qüsuru babında yazdığı məqaləni firəng dilindən farsa tərcümə edib Tehrana vəziri-əzəmə göndərdi. Və bundan əlavə "Fəqəreyi-əcibə" ünvanında əlifbamızın qüsuruna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadədilliyi və tərəfkirliyi heyrətə salır. Mirzə Fətəli Axundovun bu yolda əkdiyi toxumlar indiyəcən səmər verməyibsə də, çürüyüb tələf də olmayıbdır; o toxumlar yavaş-yavaş göyərib bitməkdədir. Əlifbamızın pürqüsur olmağı hər yerdə anladılıb, rəfinə əlac və çarə axtarılmaqdadır. Təzə əlifba tərtib etmək fikrinə düşənlərin də ədədi çoxalmaqdadır. Əlan bu məsələ Osmanlı məmləkətində və İranda üləma, vüzəra və üdəbanın fikrü xəyalını işğal etməkdədir. Təzə kitab yazanlar, üsuli-imla tərtib qılanlar, qəzet və curnal verənlər hər birisi bir növ imla və üsuli-təhrir ittixaz etməklə çalışır ki, qarei onun yazdığını düz oxuyub, fikrini və mətləbini anlasın. Sabiqdə müsəlman əlifbasının qüsur və təbdilinə etina etməyən mərhum İsmayıl bəy Qasprinski axır vaxtlarda üsuli-imlanı bilmərrə pozub və kəlmələri, --xah türki olsun, xah ərəb və əcəmi, — öz istədiyi tərzdə parçalayıb təzə bir səbkdə müsəlman hərfləri ilə "Tərcüman"da məqalələr və sair əhvalat yazır idi. Üsuli-imlada vüqua gələn və yazımızda müşahidə olunan bu inqilabın, bu reformanın baisi mərhum Mirzə Fətəli olubdur. Əlbəttə, çox müddət çəkməz ki, bu mühüm məsələ həll olunar və müsəlmanların əlifbası dəyişdirilib və asanlaşıb sair mədəniyyətli millətlərin əlifbası kimi, ülum və maarifin intişarına mükəmməl və mübərhən bir alat olar; inşaallah-taala…. Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olubdur. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər. Vəli onun sayəsindən bir neçə müqtədir ədiblər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və Mirzə Cəlil Məmmədquluzadə cənablarıdır ki, hər birinin bir neçə komediyaları və dramaya məxsus əsərləri vardır ki, indiki məişətimizin bəzi övzavü əhvalını və əhli-zəmanənin fikrü xəyalatını və nə yolda çalışmaqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər. Bu ədiblərin və Mirzə Fətəliyə peyrəvlik edən sair dramanəvislərin vücuda gətirdiyi əsərlər barəsində öz məqamında müfəssəl məlumat veriləcəkdir. Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbi-füsunsaz, beistilahi-türki "allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı ilə yoxdan var etsin. Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalınca var imiş. Bu sözlərin doğru olmağına onun komediyaları möhkəm dəlil və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Molla İbrahimxəlili, Namazı, Zalxası, Ağa Kərim Miyançısı və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz felü əməllərini işlətməkdədirlər. Mirzə Fətəlinin komediyaları yazılan zamandan bizim vaxtadək -altmış-yetmiş sənə gəlib keçibdir. Bu uzun müddətin ərzində — ki, yarım əsrdən ziyadədir, --məişətimizdə, dürüst diqqət olunsa, artıq bir tərəqqi əsəri görünməz; ata-babadan qalma köhnə adətlər və ayinlər üzrə güzəran edib yaşamaqda varıq. Xeyir və şər ittifaqlarda işlənən bihudə məsarif və məxaricə diqqət olunsa, sözümüz təsdiq olunar. Ata-babalarımızın batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dehat irəliki qərar üzrə avamlıq halında yaşayırlar; onların imdadına yetən yoxdur. Amma onları soyan və qarət edən çoxdur; bir tərəfdən tamahkar ruhanilər, bir yandan zülmkar polisə məmurları və üçüncü tərəfdən yalançı millət dostları ki, ibarət olsun yarımçıq elm kəsb edənlərimizdən və quru isim ilə mədəni olan nücəbamızdan. Bu xüsusda Qasım bəy Zakirin tərcümeyi-halından və əsərlərindən məlumat verdikdə filcümlə söyləmişik. Dübarə təkrari-kəlam edib, mətləbə tul-təfsil verməyi artıq bildik. Hər halda mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eynilə göstərir. Müruri-əyyam ilə bu aynanın üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə sığal verib diqqət ilə ona baxsaq, öz surətimizi onda görərik və biri-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruəmizə və əfali-şəniəmizə diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində çox da uzaq getməmişik, cüzi dəgşiriliyimiz və təfavütümüz olubsa, o da zahiridir. Batini tərəfimiz mənən və əxlaqən irəliki qərar üzrə baqidir. Odur ki, Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma ağlamaq görünmür; onun ağır damcıları ürəyin üstünə düşüb, onu yaralayır, dəlir…. Mirzə Fətəli komediyalarına müqəddimə olaraq ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir, teatr nədir və ondan təhzibiəxlaqü adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk dilinin imlası barəsində öz təsəvvüratını bildirib, komediya oxuyanlara və oynayanlara (artistlərə) bir para lazım olan bəyanat və düsturül-əməllər verir. Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur; biri qəm və o biri fərəh. Ağlamaq əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti-fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur. Əgər müsibət ağır isə, ağlayır və biləks ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır. İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqriri və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində kiryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir. Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar. Necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəmali-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbulü müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-rövşənrəvan və arifi-təbayei-insani deyirlər və naqili-kamilinə süxənguyi-qabil"…. Burada naqil, süxənku və raviyi-şirinməqal ilə bizim işimiz olmayıb da, müsənnifi haqqında — yəni mərhum Mirzə Fətəli barəsində kəmali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbayei-insani"dir. Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu bacarıq və qabiliyyət və təbayei-insaniyyəyə bələdiyyət, bu ruhşünaslıq ancaq o mərhumun təmsilatında görünür. Mərhumun dramanəvislikdə izhar qıldığı qabiliyyət və kəmalat doğrudan da vəsfə gələsi deyil. O təmsilatdan ələ alıb oxuduqda olduğumuz övzavü zamanı bilaixtiyar unudub, özümüzü mirzeyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övzavü mühitdə və əlvan dəstgah içində görürük. Əfradi-məclis guya bir-bir gözümüzün önündən növbənöv libaslarında gəlib keçirlər. Biz onların hərəkatü sükənatını, necə ki, var, müşahidə edirik; danışdıqları söhbəti eşidirik; gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq. Burada Axundovun yazdığı komediyalar ilə oxucularımızı aşina etməyi artıq bilirik. Zənni-acizanəmizcə əhli-savaddan az adam tapılar ki, məzkur komediyaları oxumamış olsun və bundan əlavə onlardan hər birisi dəfaat ilə səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə bir şəhəri və qəsəbəsi yoxdur ki, mərhum Axundovun komediyalarından bir-ikisi oynanılmamış olsun. Şayani-diqqət Axundovun komediyalarında səhneyi-tamaşaya gələn ünas tayfasıdır. Məlum olsun ki, Axundovun əsrində arvad məsələsi məhəlli-müzakirəyə qoyulmamışdı. O vaxtlarda müsəlman aləmində arvadların hüququ, hürriyyət və müsavatı barəsində bir söz də danışılmazdı və danışmaq da olmazdı. Əvvəl kəsi ki, arvadları da insan dərəcəsinə qoyub, onların haqqü hüququ barəsində söz açıbdır və oiları səhneyi-tamaşaya gətiribdir, o, mərhum Mirzə Fətəli olubdur. Arvadların dolanacaqı, fikrü xəyallarını, kişilər ilə rəftarü əlaqələrini və onların əhvali-ruhiyyələrini və sair müxtəlif sifətlərini mərhum mirzə artıq məharətlə təhrir qılıbdır. Demək olar ki, Mirzə Fətəli bu vaxtacan gizlində, qara pərdələr altında və zülmat içində yaşayan ana-bacılarımızın üzərinə bir işıq qapısı açıbdır; onların nicat və səadəti üçün yol göstəribdir. Müsəlmanlar üçün təzə bir aləm kəşf edibdir ki, onsuz diriliyimiz, tərəqqi və səadətimiz qeyri-mümkündür. Mirzənin müsəlman arvadlarını səhneyi-tamaşaya gətirməsi, əlbəttə, müasirlərinə xoş gəlməzdi. O cəhətə ona gizlində və aşkarda lənət oxuyub, olmazın sözləri haqqında deyirdilər. Möhtərəm Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat" adı ilə yazdığı əsərində Hatəmxan ağa ilə Mirzə Fətəlinin arasında vüqua gələn nizavü davanı təhrir qılıb, Hatəmxan ağanın dilindən deyir: "Hələ bunlar hamısı dursun kənarda, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç. Bu övrət-uşaq ilə nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlman ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!" Hatəmxan ağa nəinki öz arvad-uşağının səhnəyə çıxmağına, hətta qeyriləri onların adlarını bilməyə də razı deyil. Belə şeylər onun qeyrət və namusuna toxunur, onu xalq içində bədnam edir. Bunların cümləsinə yenə haman bidin, laməzhəb mirzə səbəb olubdur. Bu da məişətimizdə yeni bir "reforma", təzə bir dəgişirilik, təzə adət və qanun…. Bu yolda dəxi mirzənin çəkdiyi cəfalar, eşitdiyi föhşlər və nalayiq sözlər və hər qisim tənələr hədsiz və hesabsızdır və təqrirə gələsi deyil…. Diqqət yetirməli burasıdır ki, mərhum Mirzə Fətəli komediyalarında yazdığı arvadların cümləsi qeyrət, namus, ismət və hünər sahibləridir. Bu komediyalarda bir arvad nəzərə gəlməz ki, bihəya, bacarıqsız və yasar olsun. Bəzilərinin öz kişilərindən zirək və bacarıqlı olmaqları müşahidə olunur. Mirzə Fətəlinin təsnif qıldığı altı komediyalarının ancaq birində — "İbrahim Xəlil kimyagər"də arvad tayfasından bəhs olunmur. Yerdə qalan beş komediyaların hamısında kişilər ilə arvadlar da bərabər səhneyi-tamaşaya gəlib, öz fikirləri, işləri və dolanacaqları ilə bizi tanış edirlər. Sözümüzü sübuta yetirmək üçün mətləbə bir az tulü təfsil vermək lazım gəlir. Mirzə Fətəli komediyalarında həyat səhnəsinə gətirdiyi arvadlar bunlardır: "Müsyö Cordan" təmsilində Hatəmxan ağanın arvadı Şəhrbanu xanım. Hər cəhətdan öz kişisi Hatəmxan ağadan qoçaq, cürətli və bacarıqlı olduğu görünür. Şahbaz bəy — ki, Hatəmxan ağanın qardaşı oğludur və qızı Şərəfnisa xanımın nişanlısıdır, — istəyir həkimi-nəbatat Müsyö Cordan ilə Paricə gedib, orada firəng dilini öyrənsin və mərifət kəsb etsin. Şəhrbanu xanım Şahbaz bəyin bu fikrindən duyuq düşüb istəyir mane olsun. Qeyz ilə Şahbaz bəyə deyir ki, "Sən azıb yolundan və izindən çıxıbsan. Heç vaxtı Paricə gedə bilməzsən. Sən istəyirsən gedib orada üzüaçıq gəzən firəng arvadları ilə vaxtını keçirəsən və gülüzlü balamı gözüyaşlı qoyasan?! Müsyö Cordana bir toy tutaram ki, gəldiyi yolu da azar və Parici də unudar". Hatəmxan ağa Şəhrbanu xanım ilə bacarmır və Şahbaz bəyin Paricə getməyi baş tutmur. Komediyanın axırında Xanpəri nənə deyir: "Eh, xanım! Əgər kişilərin ağlı var, niyə biz onları hər qədəmdə min yol alladırıq və öz bildiyimizi edirik?!" "Hekayəti-xırsi-quldurbasan"da Namazın arvadı Zalxa Bayramın işini düzəltməkdə və tədbir tökməkdə artıq dərəcədə ağıl və fərasət büruz edir. Axmaq, qorxaq və bivec Tarıverdini alladıb yoldan çıxardır və bacarmadığı işə, yəni quldurluğa göndərir. Zalxa bu barədə fikirləşib öz-özünə deyir: "Vallah, əgər Tarıverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən yoxdur ki, niyə biçarə gədələri oğurluqdan və quldurluqdan ötrü incidirsən? Bacarırsan, ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlaya". Zalxanın bu sözlərində olan doğruluğa şübhə yoxdur. Qız tayfasının sevdiyi oğlan gərəkdir qoçaq və zirək olsun, aciz və qorxaq kişini ünas tayfası dost tutmaz. Xüsusən, keçmiş əsrlərdə, bas-tut, vur-öldür əyyamında qızın sevdiyi ancaq rəşid, qoçaq, quldurluqda adı çıxan oğlan olarmış. Haman bu komediyada sadə bir kəndçi qızı Pərizadın cavan və qoçaq Bayrama olan təmiz eşqi və eşqində göstərdiyi dəyanət və səbat adamı heyrətə salır. "Hekayəti-mərdi-xəsis"də Hacı Qaranın arvadı Tükəzin ərindən min kərə qoçaq, ağıllı və yaxşı olmağı görünür. Tükəz öz əri Hacı Qaraya deyir: "Sən xəsis, ölməli murdarsan. Səndən ömründə bir kəs bir xeyir görmür. Uşaq aşıq yığan kimi, sən də pulu yığmısan. Boğazın elə qurusun ki, su da ötməsin!…" Hacının acizliyini və qorxaqlığını zikr edib deyir: "Bu yaraqların iyirmisini üstünə taxsan da, mən arvadlığım ilə yenə sondən qorxmaram!…" Həmçinin bu "Mərdi-xəsis" təmsilində gözəl, ağıllı və dəyanətli Sona xanım naçalnikə zamin olub, nişanlısı Heydər bəyi həbsdən və bazxastdan xilas edir və onu əyri yola getməkdən daşındırır. "Sərgüzəşti-vəziri-xani-Sərabi"də vəzirin hərəmləri Ziba xanım və Şölə xanım və qaynanası Pərixanım sadədil vəzirin başına kələk gətirirlər; onun başına badya geydirib Teymur bəyi evdən çıxardırlar. Arvadlar biri-birini günüləyir, bir-birinin üstünə şər atır, bir-birinin ayağından çəkir, amma öz sahiblərinə xəyanət göstərmirlər. Nə Şölə xanımın və nə Ziba xanımın Teymur ağa ilə gizlində heç bir əlaqəsi yoxdur. Şölə xanımın qız bacısı Nisə xanım hökumət və dövlət sahibi olan xana getmək istəməyib, can-dildən sevdiyi Teymur ağanı ona tərcih verir. Zülm və mürüvvətsizlik müzməhill olub, haqqü ədalət onlara qalib gəlir. "Mürafiə vəkillərinin hekayəti"ndə Səkinə xanım o qədər mətanəti-qəlb, cürət, əqlü tədbir göstərir ki, adamın ağlı heyrətdə qalır ki, nə sayaq elm və tərbiyə görməmiş bir yetim qızda bu qədər kamal, mərifət və dərrakə olsun. Bir tərəfdən qardaşının mütədən dul qalmış arvadını Təbrizin şeytan fikirli mürafiə vəkilləri əldə dəstaviz edib, ondan irs tələb edirlər, bir tərəfdən Ağahəsən tacirbaşının hiyləvü dəsisələri onu rahat qoymur, üçüncü tərəfdən onun şöhrətpərəst bibisi Zibeydə xanım istəyir onu könülsüz tacirbaşıya versin. Hər tərəfdən bədxah, mühil və tamahkar adamlar…. Səkinə xanım bu qədər hiyləsazların və tamahkarların hücumundan özünü itirməyib, vəsfə gəlməyən hünərlər zahir edir və düşmənlərinə qalib gəlir, bibisinə açıq deyir ki, "Mən Ağahəsənə getməyəcəyəm. Zira ki, o nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur. Yoxsa o, məni sevdiyindən ki, almaq istəmir! Əgər o, məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?" Səkinə xanım Ağahəsənin özünə də deyir ki, "Mən sənə getməyəcəyəm!" Ağahəsən deyir: "Xanım, məndən nə təqsir sadir olubdur ki, məni özündən uzaq edirsən?" Səkinə xanım cavabında deyir ki, "Heç təqsir sadir olmayıbdır. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm; mən səni sevmirəm. Könülə ki, güc yoxdur?" Ağahəsən deyir: "Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma!" Səkinə xanım cavabında deyir: "Hər nə bacarırsan, elə, əlindən gələni əsirgəmə, əsirgəsən, namərdsən!" Ağahəsən axırda daralıb dürüştlük ilə deyir: "Yaxşı! Sənə mən oyun tutum ki, dastanlarda deyilsin. Өlənədək dadı damağından getməsin!" Səkinə xanım deyir: "Get! Səndən qorxan səndən əskikdir, əlindən gələni beş qaba çək!" Axırda Səkinə xanım müddəilərinə qalib gəlib cümləsini məyus və məhkum etdirir. Bu minval üzrə oxucular özləri görürlər ki, Mirzə Fətəlinin təmsilatında zikr olunan arvadlar aciz və bacarıqsız adamlar deyillər, bəlkə onların əksəri kişilərdən qoçaq və hünərlidirlər. Əlbəttə, bu qisim aqilə və cəmilə arvadların səhneyi-tamaşaya gətirilməsi səbəbsiz deyil. Mirzə Fətəli altmış sənə bundan müqəddəm öz müasirlərinə göstərir ki, sizin içinizdə belə gözəl canlar, belə mamuslu və qeyrətli ana-bacılarınız, etibarlı arvadlarınız vardır. Vəli siz onları vücud hesab etməyib, hər qədəmdə hüquq və ixtiyarlarını tapdalayırsınız; haqsız incidib, xarü zəlil edirsiniz və belə cahilanə hərəkətinizdə məişətinizi pozğun edib, özünüzü və nəslinizi fəlakətə salırsınız…. Mirzə Fətəli Axundovun komediyaları bunlardır: "Hekayəti-Molla İbrahimxəlil kimyagər". Keyfiyyəti dörd məclisdə bəyan olub itmama yetir. Təsnif olunubdur hicrətin 1267-ci tarixində. "Hekayəti-müsyö Cordan həkimi-nəbatat və dərviş Məstəli şah məşhur cadugər". Təmsili-güzarişiəcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə. "Hekayəti-xırsi-quldurbasan". Keyfiyyəti üç məclisdə bəyan olub itmama yetir. Yazılıbdır 1268-ci sənədə. Sərgüzəşti-vəziri-xani-Sərab". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olub itmama yetir. Yazılıbdır hicrətin 1267-ci sənəsində. "Sərgüzəşti-mərdi-xəsis — Hacı Qara". Təmsili-güzarişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu tarixdə. "Mürafiə vəkillərinin hekayəti şəhri-Təbrizdə". Qəribə bir təmsildir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci tarixdə. Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücuda gəldikdə cümləni heyrətə salır. Mirzə Fətəlinin zamanına kimi bu qisim əsərlər, yəni komediyalar müsəlmanlar arasında görülməmişdi. Bu əsərləri mütaliə etdikdə guya hər kəs özünü, qohum-qardaşını və dost-aşnasını və filcümlə ətrafında dolanan adamları görür, onlar ilə danışır, söhbət edir…. Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, qüsurdam uzaq, nəzafət və mühəssənat ilə dolu; Azərbaycan türklərinin dolanacağının, adatü adabının həqiqət göstərici bir aynası. Əlhəqq bu komediyalar xəzinə malıdır. Ərbabı nəzərində bunlar üçün qiymət bulunmaz. Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikrü diqqətini öz tərəfinə cəlb edir. Əcnəbi qövmü tayfalarının gözü önündə təzə bir dünya açılır. Bizim məişətimizin və dolanacağımızın üzündən Mirzə Fətəli pərdəni çəkib, bizim varlığımızı və həyatımızı dünyaya kəşf edir. Ol səbəbdəndir ki, Mirzə Fətəlinin komediyaları hələ türk dilində çapa verilməmiş rus dilinə tərcümə olunaraq 1853-cü tarixdə — ki, hicrətin 1269-cu sənəsinə mütabiqdir, — təbdən çıxır[8]. Bu komediyaların şöhrət və sədası sürətlə hər yerə dağılır, onların barəsində rus və Avropa dillərində çıxan curnal və qəzetlərdə gözəl məqalələr yazılır, hər yerdə onların tərifi olunur. Çox çəkmir ki, Axundovun komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin sərkatibi (sekretarı) Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib Tehranda çapa verir. Heyfa ki, bu tərcümə indi nadir tapılan əsərlərdən olubdur. [8]- Mirzə Fətəlinin komediyaları "Aldanmış kəvakib" ilə bir yerdə türk dilində ancaq altı il rus çapından sonra — 1859-cu sənədə təb olunur. Avropa üdəba və lisaniyyunu bu komediyalardan bəzini öz dillərinə tərcümə ediblər. 1882-ci sənədə İngiltərədə "Sərgüzəşti-vəziri-xani-Sərab" təmsili ingilis dilinə tərcüməsi ilə bir yerdə çapdan çıxır. Bu tərcüməyə əlavə olaraq məxsus lüğat və bir para qeydlər qoşulur. 1886-cı tarixdə məşhur ədib Varbie de Meunard! Paricdə "Yournal Asiatigue" adlı cəridədə "Hekayəti-İbrahimxəlil kimyagər"i çap eləyir. 1889-cu ildə Stokholm lisaniyyun cəmiyyətinin curnalında "Hekayəti-xırsi-quldurbasan" təb olunur və haman sənədə Alfons Silyer (Alfons Cillere) ismində bir şəxs fars dilində "Vəziri-xani-Sərab" ilə "Mürafiə vəkilləri"ni çap etdirir. Və yenə haman sənədə Vyana şəhərində professor Vurmund "Həkimi-nəbatat müsyö Cordan"ın fars dilindəki təcrüməsini lüğatı və bəzi qeyd və bəyanatı ilə məən çap etdirir. Və həmçinin 1882-ci sənədə Tiflis şəhərində Nikolay Qulak ismikdə bir şəxs ki, əlsineyi-Şərqiyyəyə, xüsusən fars dilinə dara idi, Mirzə Fətəlinin komediyalarını nemsə dilinə tərcümə edir[9]. [9]-Məlum ola ki, Qulak sabiqdə Tiflisdə əvvəlinci gimnaziyada nemsə dilinin müəllimi idi. Sonradan artıq sinnə dolmağa görə, qulluqdan çıxıb, ədəbiyyatla məşğul olardı. Həkim Xəyyamın "Rübaiyyat"ını və Füzulinin "Leyli və Məcnun"unu nəzm ilə rus dilinə tərcümə edirdi. O tərcümələrdən bəziləri "Kəşkül" qəzetində hissə-hissə dərc olunardı. Mərhum Mirzə Fətəli Axundov yuxarıda zikr olunan komediyalardan başqa tarixi-islamiyyənin 1273-cü sənəsində-- ki, miladın 1857-ci ilinə mütabiqdir,--"Aldanmış kəvakib" və yaxud "Hekayəti-Yusif şah" adında qəribə bir hekayət yazıbdır. Bu qəziyyənin vüquu səfəviyyə padşahlarından Şah Abbasın zəmani-səltənətinə təsadüf eləyir. Bu təəccüblü əhvalatın İran-zəmində həqiqətdə vaqe olub, ya olmamağına söz verə bilmərik. Amma yəqinən deyə bilərik ki, bu qisim əhvalat və qəzayat orada baş verə bilər. "Aldanmış kəvakib"də Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin səyahət və avamlığını və öz ali mənsəblərinə əsla layiq olmamaqlarını göstərmək imiş. İnsafən bu mətləbi müsənnifi-mərhum böyük məharət ilə bəyan edibdir. "Aldanmış kəvakib"i oxuduqda yəqinlik hasil olur ki, İran kimi böyük bir dövlətin viran olmağına, "dövləti-əliyyənin" belə zəif və nəhif hala düşməyinə "ümənayi-dövlət" və "üləmayi-giram" və "vüzərayi-zülehtiram" olublar. Bu rəy və qövlün haqq və doğru olmağını Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətsənci ilə sübuta yetirirlər. Onlardan hər biri öz qəbahət və səfahətlərini kəmali-iftixar ilə bəyan edir. Qədim şövkətli və əzəmətli İranı xarab edən və pozğun hala salan vüzəra cahilanə işlərini və tədbirlərini hüsni-xidmət və böyük hünər məqamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. "Aldanmış kəvakib"i oxuyandan sonra Mirzə Hüseyn xanın mərhum Mirzə Fətəli Axundova nisbət büruz etdiyi büğzü ədavət hansı mənbədən cuş etməyi vazeh olur. Axundovun komediya yazan müsənniflərə və həqiqi ədibə məxsusi olan qabiliyyətlərindən birisi də budur ki, mərhum öz təmsilat və hekayətlərində əhvalatı və keyfiyyəti söylənən adamların hər birini öz dili ilə danışdırır. Əkinçidən tutmuş vəzirə və padşaha kimi hər hansı sinfin dilindən söz açırsa, elə bir sayaqda söyləyir ki, guya müsənnif haman o sinfin və dairənin özündəndir və yainki onların sözlərini eşitdikcə bir-bir sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində artıq dərəcədə nəməkrizlik, zarafat və şirinlik var. Hər kəs onun kəlamını oxuyur isə, könlü açılır və dodağı altında öz-özünə gülür. Mirzənin təbiətindən zövqü xoştablıq mayası və yaranmasında zarafat və lətafət xəmirəsi olduğu üçün həmişə onun meyli zarafatçı, lətifəku və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik və zərifanə danışıb-gülmək onun təbiətinin təqazası olduğu üçün bəzi işləri və danışıqları dəxi başdan-ayağa gülünc və zarafat imiş. Onun baməzə işlərini və dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr. Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəmeyi-üzmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə diqqət yetirilsə, haman sözlərin tamamisi boş və biməzmun və mayeyi-istehza olmağına şübhə qalmaz. Belə ki, sərdar Zaman xan özünün sahibi-əqlü tədbir olmağını hüzzari-məclisi-xassəyə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan Osmanlı qoşununun İran üstünə hücumundan söz açıb deyir: "Əgərçi bizim qoşunumuz hesab və ədədcə tayifeyi-osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyənin qoşununu güruhi-zallənin müqabilində tələfə verdirəm. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki Azərbaycan tamam dehatın ziraətini xarab etsinlər və yolları pozsunlar. Vəqti ki, Bəkir paşa (Osmanlı əskərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə ənvai-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstələr göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bircə həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftanü xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran tayifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşanın qaçmağından sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə bu tayifeyi-biganənin ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsagiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı. Belə işlər xüsusunda astaneyi-əliyyənin qoca iti tədbir göstərməkdə aciz deyil. Amma kəvakib ilə müxalifət etməkdə ağlım hər bir əlacdan qasir görünür". Sərdar Zaman xanın bu gunə öz hüsni-xidmətlərini tərif etməyi, ağıllı və tədbirli binagüzarlıqlarını vəsf qılmağı doğrudan da adama gülünc gəlir; "əsakiri-mənsurə" "güruhi-zallə"nin hücumuna davam gətirə bilməyib qaçır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı da qan tökülmür. Bu heç…. Məqami-heyrət burasıdır: öz əlləri ilə vətənin viran olmağı, əkinçilərin ziraəti, bağbanların bağü bostanları dağılıb altı-üstə çevrilməyi, malü məvaşinin pərakəndə olması; yolların xarablığı, körpülərin uçurulub dağılmağı kəmali-iftixarla şahın hüzurunda söylənir və bu sözlərdən padşahın "astaneyi-əliyyənin qoca iti"nə əsla qəzəbi tutmur. Bu çox qəribə haldır!… Sərdari-rövşən zəmirin tədbir və səlahdidi ilə yolların dağınıq və körpülərin uçuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamağa hökm olundu, zira ki, tayifeyi-biganənin hücumundan ehtiyatda olmaq lazımdır. Həqiqətdə həm gülməli və həm ağlamalı haldır!… Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət, əlbəttə, qeyri-mümkündür: Xanemani ke, to başi məhrəm, Vay bər siyrəte-an əhle-hərəm. Həmin bu qərar üzrə "məclisi-xassın" sair üzvləri dəxi — ki, ibarət olsun vəzir Mirzə Möhsündən, müstövfi Mirzə Yəhyadan və mollabaşı Axund Səməddən --öz əhməqanə tədbirləri ilə və xilafi-əqlü qanun əməlləri ilə qoca və şöhrətli İranı belə fəna hala salmaqlarını, əhaliyə həddindən ziyadə zülm etməklərini, dini-paki-Məhəmmədini pozub, başqa bir hala salmaqlarını iftixar ilə şərh qılıb həmaqət və səfahətlərini bəyan edirlər. Əgər doğrudan da işin künhünə diqqət yetirilsə, İranın viran olmasına və bundan sonra onun bir də həyat və ricətinə ümid qalmamasına ümdə səbəb tamahkar, şöhrətpərəst, dünyadan bixəbər, avam və cahil vüzəra ilə üləma olublar. Mərhum Mirzə Fətəli Axundov öz zamanının fəridi və ürəfavü üdəba dairəsinin ruhu məqamında imiş, Cümlə əhli-qələm və sahibi-elmü idrak ilə tanış imiş; cümlə şüəra və üdəbaya ol mərhumun hüsni-təsiri keçibdir. Necə ki, sabiqdə zikr olundu, onunla Qarabağın müqtədir şairi Qasım bəy "Zakir" təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş və bu dostluğa ümdə səbəb hər iki ədib və şairin qələmi, türfə kəlamı və təblərində olan zərafət və nəzakət olubdur. Zakir Qarabağ mahalında vüqua gələn əhvalat və güzarişatdan və orada sakin olan nücəba, ürəfavü üləma sinfinin əfalü əmalından və xususən divan əmələsinin bəd və bihesab işlərindən, elat və dehat əhlinin dolanacağından və tərzi-məişətindən məlumat tonlayıb, vaxtbevaxt sadə və gözəl şerlər vasitəsilə yazıb dostuna göndərərmiş. Zakirin tərcümeyi-halını yazdıqda məzkur namələrdən nümunələr göstərmişik; oraya rücu etməli. Zakir xalqının dilini və dolanacağını çox yaxşı bildiyi uçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir. Mirzə Fətəli isə hər şeydən artıq dost tutduğu öz millətinin sadə dili və sadə dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna və milli ədasına artıq dərəcədə əhəmiyyət verərmiş və necə ki, yuxarıda zikr olundu, bəzilərin rəvayətinə görə, "Hacı Qara" təmsilatının əslü binasını və Mərdi-xəsisin keyfiyyəti-halını Mirzə Fətəliyə mərhum Qasım bəy nəql edibdir və həmçinin həkimi-nəbatat Müsyö Cordanın sərgüzəştinə dair bir para təfsilatı mərhum Axundov Zakirin dilindən yazıbdır. Vəli Mirzə Fətəli bu hekayətləri qəribə bir dona geydirib, mislü bərabəri olmayan komediyalar vücuda gətiribdir. Sabiqdə zikr olunduğu üzrə mərhum Mirzə Fətəli dostluqda artıq sədaqət və etibar göstərib, Qasım bəyin xilası yolunda çox çalışıb və axırda onun təmizə çıxıb vətəninə qayıtmağına səbəb olur. Bu barədə Zakir dostunu tərif edib yazır: Aşina, müsahib, yaru həmsayə Lazımdır yetişə qövrə, harayə; Kitabətin dəyər mülki-dünyayə, Nə hacət istəmək simü zər səndən. Tək yaradıb səni vahidü yekta, Əxlaqına, ətvarına mərhəba! Neyləmisən Molla Səfi, Bəybaba -- Məmnundu, əzizim, bu qədər səndən? O vilanın yoxdur bu yer tək pisi, Təqəllübü, hərzəkarı, xəbisi; Yaxşı gördüm tamam əhli-Tiflisi, Razıyam, nəhayət, biştər səndən. Mirzə Fətəlinin Qasım bəyə yazdığı namələrdən ancaq bir mənzumə ələ düşdü ki, burada dərc olunur. Bu məktubu Mirzə Fətəli dostu Zakirə yazıbdır 1271-ci tarixdə məhərrəm ayının ibtidasında Mehdiqulu xanın qızı Xurşidbanu bəyim Natavan haqqında. Məktubdan belə məlum olur ki, o vaxtları Qasım bəy xan qızına yaxın imiş. Mirzeyi-mərhumun yazdığı qafiyələr zarafat təriqi ilədir: Qasım bəy, eşitdim yaxın olubsan -- Xan qızına, axır nədir bu rəftar? Edibsən xubları yüz il imtahan, Eylərsən onlara yenə etibar? Yeyib otağında şamü naharın, Kəsdiribsən yasdığının kənarın, Eşidirsən şirin-şirii göftarın, Kişi, sənin, vallah, əcəb işin var? Dediyin qafiyə ona xoş gəlib, Qaçan bəxtin indi sənə tuş gəlib, Sevdalı başına təzə huş gəlib, Təəccüb eylərəm büsyarü büsyar. Səni pərivəşlər salıb bu halə, Döndəriblər əlif qəddini dalə, Çəkərdin onlardan həmişə nalə, Nədir yenə dildə əzbər olub yar? Xan qızı məhvəşdir, el bilir, aləm Məhvəşlər atəşdir, bizik əqli kəm, Yüz il xidmət edə oda bir adəm, Yenə düşən dəmdə ona, bil, yanar. Xudadan istərəm versin muradın, Yamanlığa hərgiz çəkməzəm adın, Yolunda zəhmətin, rənci-ziyadın Mən çəkdim, o etdi məni şərmsar. Өzgə cəfalarım dursun kənarə, Nə lazım hər birin salmaq şümarə? Xeyr işinə onun mən o diyarə Şadü xürrəm getdim, qayıtdım bəs xar. O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər; Novcəvandır, təkdir, izədi-davər Eyləsin ömründə onu kamkar. Rəvadırmı çəkə bixürdü bixab Bəstəri-möhnətdə bu qədər əzab? Duayi-xeyrinə eyləyin şitab Siz də mənim kimi hər leylü nəhar. Belə pəriruyin, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı? Olsun ona mövlam yavərü qəmxar. Mənim var gərçi bir az günahım, Sən get hüzuruna, ol üzrxahım, Söylə ki, ey şahım, ey qibləgahım, İncimə, gər etdim şikayət izhar! Mirzə Fətəlinin bu qafiyələri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Çox ehtimal var ki, Zakirə dəxi bu şivədə açıq lisan ilə şer yazmağı Mirzə Fətəli öyrətmiş olsun. İbtidayi-kəlamda Mirzə Fətəli Xurşidbanu bəyimdən bir azacıq gilayə edib, onun mirzəyə nisbət izhar qıldığı kəmetinalığına işarə edir. Bundan məlum olur ki, onların mabeynində cüzi bir soyuqluq bəhəmə gəlibmiş. Vəli kəlamın axırında pakzəmir mirzə öz xətasını müqirr olub, dostu Zakirdən təvəqqe eləyir ki, xan qızının hüzuruna gedib üzrxahlıq etsin və şikayət izhar qılmağından rəncidə-xatir olmasın. Mirzə Fətəlinin bu kağızı Xurşidbanu bəyimin bəstəri-qəmdə mərizə olduğu zamanü hala təsadüf edir və yəqinlik hasil olur ki, mirzeyi-mərhum bu şerləri Qasım bəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasım bəyin kəlamından belə anlaşılır ki, Xurşidbanu bəyimin knyaz Xasaya getdikdən sonra bir müddət övladı olmayıb və övlad ümidi ilə ol mərhumə özünə müalicə etdirib ondan naxoş olubdur. Bu əhvalın haqq və doğruluğu Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşikarən görünür. Zakir yazır: Sipəhri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Gülşəni-Xəlilin nihalı sənsən, Barvər istərəm xudadən səni. Məsihi çıxardan ərşi-alayə, Salan üftadələr başına sayə, Yetmişdə İshaqı verən Sarayə Qurtarsın bu rəncü inadən səni. Xan qızının müalicə etməyinə işarə: Çubi-çini nədir, qibləsən, nəsən, Təəccüb eylərəm bu əhvalə mən; Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadən səni. Axundov yazır: O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər, Nocəvandır, təkdir, izədi-davər Eyləsin ömründə onu kamgar. Belə pəriruyin, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı? Olsun ona mövlam yavərü qəmxar. Eşitdiyimizə görə, Mirzə Fətəlinin burada zikr olunan əsərlərindən əlavə yenə də bir çox farsi və türki əşarı vardır və lakin, məəttəəssüf, onları ələ gətirə bilmədik və həmçinin Rzaqulu xan "Hidayət" təxəllüsün tarixinə yazdığı tənqidini və Tehran şairi "Süruş" təxəllüsün qəsidəsinə təhrir etdiyi iradları axtardıq, tapa bilmədik. Bu əsərləri Axundovun möhtərəm fərzəndi Rəşid bəy bizə vəd etmişdi, heyfa ki, ona da əcəl fürsət vermədi. Mirzə Fətəli Axundovun əsərləri əlli-altmış sənə olar ki, çapdan çıxıb aramızda intişar tapıbdır. Vəli onların bizə çəndan təsiri keçməyibdir və mirzeyi-mərhumun qədri bilinməyibdir. Əgər müsəlmanlar bilümum və Zaqafqaziya türkləri bilxüsus o mərhumun qədrini bilsə idik, haqqında bir yaxşılıq və ehsanat edərdik; yadigaranəsi üçün onun adına məktəblər, kütübxanalar, teatrlar açardıq, stipendiyalar təyin edərdik və bir çox gözəl işlərimiz ilə qədirşünaslıq vəzifəsini ifa edərdik. Hələ ki, meydanda gözə gələn bir şey yoxdur, bəqeyr əzan ki, 1911-ci tarixdə mərhum Axundovun təvəllüdündən yüz il keçmək münasibətilə Bakıda, Tiflisdə və Zaqafqaziyanın sair şəhərlərində yubiley tərtib olunub, onun komediyalarından bəziləri səhneyi-tamaşaya qoyulub və xatirinə bir neçələri tərəfindən mütəəssir nitqlər söylənib, bununla qədirbilməklik və haqqşünaslıq vəzifəsi əda olundu. Bu yubileydə söylənən nitqlərdə çox böyük vədələr verildisə də, çox arzulardan dəm vuruldusa da, vəli heç birinə əməl olunmadı. Hətta Axundovun əsərlərinin — ki, əlan onlar nadir tapılır, — təzə çapına da şüru olunmadı. Bu yubileydən nəticeyi-xeyir olaraq ancaq iki xırdaca əsər qaldı. Onlardan birisi möhtərəm Əbdürrəhim bəy Haqverdiyevin yazdığı "Xəyalat"dır ki, bir məclisdə mərhum Mirzə Fətəlinin yüz illik yubiləsi (yövmi-alisi) münasibətilə tərtib olunmuşdur. İkincisi həqirin "Mirzə Fətəli Axundov" sərlövhəsilə yazdığı risaleyi-yadigaranədir ki, bu da mərhumun təvəllüdündən yüz il mürur etmək münasibətilə təhrir qılınmışdır[10]. [10]-Mirzə Fətəlinin yövmi-alisi münasibətilə yazılmış mənzumatdan bərgüzidəsi möhtərəm Abbas ağa Qaibov Nazirin kəlamıdır ki, aşağıda dərc olunacaqdır. Mirzə Fətəlinin qədrü qiymətini bilmədiyimiz üçün onun əsərlərinə də əhəmiyyət vermədik; onlardan hissə almadıq. Əgər mirzənin yazdıqlarına diqqət yetirsəydik və onlara əməl etsəydik, əlbəttə, bu qədər tənəzzül etməzdik və bu qədər dalda qalmazdıq. Başlayaq bir-bir sadalamağa: Birinci bu ki, əgər əlifbamıza təğyir verib hürufatımızı asanlaşdırsaydıq, oxumaq və yazmaq alatü əsbabını qaydaya salsaydıq, təlim və tədrisdə bu qədər çətinliyə düçar olmazdıq. Az vaxtda oxumaq və yazmaq öyrənib, çox elmü fənnlərə dara olardıq. Məktəblər küncündə cavan və gözəl ömürlər çürüyüb badi-fənaya getməzdi. Bizim içimizdə dəxi böyük və məşhur üləma və hükəma zühur edərdi; müqtədir ədiblər və qabil yazıçılar, şairlər görsənərdi; dilimiz və yazımız qaydaya düşüb rövnəq tapardı. İkinci, Axundov komediyalarında göstərdiyi eyiblərimizə diqqət yetirib, onların dəfinə və islahına çalışsaydıq, bu qədər avam qalmazdıq, içimizdə, dolanacağımızda müşahidə olunan küfrü zəlalət və xilafi-əqlü qanun əməllər cari olmazdı. Oğruluqdan və əyrilikdən ikrah edib daşınardıq; halal kəsb dalısınca gedib şənü hörmət kəsb edərdik; zindanxanalar və məhbəsxanalar müsəlmanlar ilə dolu olmazdı. Üçüncü, arvadlarımıza təlim və tərbiyə verib, onlar ilə hüsni-müamilə etsəydik, hüquq və ixtiyarlarını müraat edib zülm etməsəydik, bu vaxta qədər avam halında qalmazdılar, caduya və bitiyə inanmazdılar; övladlarına gözəl tərbiyə verərdilər; ərlərinə və qardaşlarına çox işlərdə köməkçi olub, məişətimizə rövnəq və ziynət verərdilər; yaxşı işlərə bizi qeyrətləndirib, fəna işlərdən və qəbih əməllərdən çəkindirərdilər, daşındırardılar; vətənpərvərlik və millətpərəstlik və dindarlıq kimi uca və müqəddəs hissləri bizim qəlbimizdə oyadıb bəslərdilər. Dördüncü, müsəlman məmləkətlərində, xüsusən İranzəmində ümuri-dövlətə mübaşir olan vüzəravü vükəla və sair ərkani-səltənət — ki, Mirzə Fətəlinin əsrindən indiyə kimi gəlib gediblər, — "Aldanmış kəvakib"də zikr olunan qüsurlarına diqqət yetirib məmləkətlərinin məmuru və səlahı üçün sərfi-himmət etsəydilər, Yusif şah öz müvəqqəti əyyami-səltənətində işlətdiyi binagüzarlıqları və tədbirləri icra etsəy- dilər, müsəlman məmləkətləri hərgiz belə fəna və pozğun hala düşməzdi və əcnəbi millətlərin çəngali-təsərrüfünə keçməzdi. Onlar da sair dövlətlər kimi qüvvət və miknət kəsb edib əmnü asayiş üzrə yaşardı. Bu tedad etdiyimiz eyib və nöqsanlarımızdan maəda Mirzə Fətəli yenə də bir çox təsəvvürlərimizi, köhnə adat və ayinlərimizi istehza təriqi ilə öz komediyalarında göstəribdir. Amma onlar bizim diqqətimizi cəlb etməyibdir və haman köhnə adətlər və batil əqidələr üzrə yaşamaqda varıq. Mirzə Fətəlini, necə ki, lazımdır, biz tanımamışıq və əsərlərini diqqət ilə oxuyub öyrənməmişik. O mərhum öz əsrinin həkimi-rövşənzəmiri və filosofu olubdur. Onun kimi dərin fikirli, dəqiq və ruhşünas bir ədib Azərbaycan türklərinin arasında bu vaxtadək vücuda gəlməyibdir. Axundov öz zamanının Tolstoyu və Musabəyovu olubdur. Vəli onun qədri bilinməyibdir. Azadə fikirli, saf əqidəli və əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb təkfir edərlərmiş. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbası axırda ondan üz çöndərib iba etmişlər və vəfatında təşyiyi-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hammal artıq əhanətlə ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər. İndi də Mirzə Fətəli Axundovun adı zikr olunanda üzlərini turşaldan saluslar az deyildir. O cümlədən, "Riyazül-aşiqin" sahibi M. Müctəhidzadə kitabının dibaçəsində vəsf qıldığı İskəndər bəy Rüstəmbəyovdur ki, bəndeyi-həqirin Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il mürur etmək münasibətilə tərtib etdiyi risaleyi-yadigaranəni görüb də mütəğəyyirhal olmuşdur və bizim haqqımızda nasəza sözlər söyləmişdir ki, "Mirzə Fətəli Axundov kimi laməzhəb şəxsi yad edib, onun şənində kitab yazan özü də gərəkdir mürtəd olsun". Bilmək gərəkdir ki, İskəndər bəy Rüstəmbəyov özü də ədiblik iddiasında olub, şer və qəzəl deməklə fəxarət eləyir. "Riyazül-aşiqin" sahibi kitabını onun səlahdidi ilə tərtib qılmışdır və ol cənabı bu günə vəsf edir: "Hicrətin min üç yüz iyirmi beşində bir gün cənab sərkar İskəndər bəy Rüstəmbəyov — ki, cümleyi-əyani-vilayətdən darayi-zəkavətü mərifət [idi] və iqlimi-danişu kiyasətdə vaqeən İskəndəri-zaman və zülmati-Qarabar içrə abaən cədd çün abi-həyat mənbəi-cövdü ehsani idilər, — hüzuruna müşərrəf olub, ayineyi-qəlbimdə müsəvvər olan müddəamı nişan verdim və şəraiti-bəndəliyi yerinə yetirdim. Mumaileyh isə zəbani-gövhərnisarı ilə buyurdular ki, gərək bir töxmi-yadigar məzrəeyi-ruzigardə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar olsunlar və mütaliəsindən [fayda) təhsil edənlər müəllifinə rəhmət oxusunlar. Və bir məcmuə yazılmaq gərəkdir ki, hər səhifəsi qeyrəti-arizi-hur və hər sətri rəşki-zülfi-qılmani-behişti-biqüsur ola və röyət edənlər mail və qəmləri zail olub, bu sözlərə mütərənnim olsunlar: Vəh-vəh bu nə riyazdır, ey əndəlibi-can, Yoxsa behişt qitəsidir olmayır xəzan" i. a. Bəli, "iqlimi-daniş və kiyasətdə vaqeən İskəndəri-zaman və zülmati-Qarabağ içrə çün abi-həyat mənbəi-cövdü ehsan" olan Rüstəmbəyov cənabları Mirzə Fətəli Axundov kimi müqtədir ədiblərimizə və böyük mütəfəkkir və reformatorlarımıza lən oxuduqda işlərimiz artıq sürətlə surət tapar, daha tərəqqi etməyimizə şübhə yeri qalmaz…. Beş yüz sənə bundan müqəddəm Konstantski sobor ictimaı qərardadı ilə Avropada Yan Qusu əqaidi-diviyyəsi və azadeyi-əfkarı ucundan oda atıb yandırdılar. İndi bizim ondoqquzuncu əsrin axırlarında və iyirminci əsrin ibtidasında, bu tərəqqi dövründə yaşayan millət və camaatımız cəhalət və təəssübdə Qusun əsrində yaşayan fanatiklərdən dalda qalmayıblar. Əgər Mirzə Fətəlinin və Hacı Seyid Əzimin müasirləri əlində ixtiyar və hökumət olsaydı, bilaşübhə, hər ikisini oda atıb yandırardılar. Yan Qus oda atılmazdan qabaq düşmənlərinə xitabən dedi: "Yüz ildən sonra bir laçın uçub gələr, onu tutub yandırmaq sizə müyəssər olmaz". Filhəqiqə, Qusun oda atılmasından yüz il keçmiş məşhur reformator Martin Lüter gəldi və Rim papasları pozğun hala saldığı həzrət İsanın dinini qəllü qəşdən təmizləyib safa çıxartdı. İndi görək Mirzə Fətəli Axundovdan və Hacı Seyid Əzim Şirvanidən sonra — ki, onlar müdam avam və hiyləgər ruhanilərin təzvir və fəsadları ilə cəngdə olub, — rütbəsiz bu dünyadan getdilər, müsəlmanların da Lüteri zühur edib onları haqqa irşad qılacaqdırmı? Mirzə Fətəli Axundovun yüz illik yubiləsi münasibətilə Abbas ağa Qaibzadə "Nazir" təxəllüs yazdığı kəlamı burada dərc etməklə onun barəsində bu qədər yazdığımıza hələlik iktifa edirik. Kəlami-Nazir: Ey ədibi-şəhiru bihəmta, Mayeyi-fəxri-milləti-islam! Ey xirədməndi-arifu dana, Əhli-fəzlü kəmal, mərdi-tamam! Vətən övladı cəm olubdu bu gün -- Ki, səni layiqincə yad etsin. Göstərib izzü ehtirami-bütün, Sənə ixlasın izdiyad etsin. Bu nə xoş gün, nə yaxşı saətdir, Səni fəxr ilə yad edir millət; Vətən üçün zəhi səadətdir -- Ki, oxur ruhi-pakına rəhmət. Millətə şahrahi-elm açdın, Mərhəba, ey mühəndisi-qadir! Vətənə töxmi-mərifət saçdın Sən, ey ustadi-kamilü mahir! Eybü nöqsani-milləti bildin, Etdin anı beeynihi təsvir; Əməli-fasidin əyan qıldın, Ta ki, islahına edə tədbir. Yəni yazdın sən altı təmsilat, Bir hekayət də mülhəq etdin ona; Eşidən onu qaldı valehü mat, Əl çalıb afərinlər etdi sənə. Millətin müşkülata uğramağı Xətti-müşküldən olduğun duydun; Bilibən özgə çarə olmamağı Xətti təğyir üçün sən əl qoydun. Bir əlifbayi-tazə tərh etdin, Şivəsi xoş, oxunmağı asan; Rəsmi-təlimi zikrü şərh etdin, Qoymadın bir qüsuru bir nöqsan. Mətləbi qanmamış əgər də avam, Sənə bərəks getdi keçmişdə; Bilməmiş məqsədü məramı tamam Oldu mane sənə bu xeyr işdə. Bilmədi ol ki, fikri batil imiş, Sərbəsər xam imiş xəyalatı; Məhz səndən nicat hasil imiş, Sən imişsən açan mühimmatı. Vətənin borcunu sən etdin əda, Qəlbü vicdanın eylədin rahət; Borclu qaldı vətən və leyk sənə, Onu vadar edir bu gün qeyrət -- Ki, sənin borcunu əda etsin, Ta ki, qəlbi tapa onun təskin Cümlə evladını nida etsin -- Ki, bu işdə ola şərikü müin. Nə sayaq borcu ol əda edəcək? Deyə bilməm onu ələttəyin; Şəninə layiq iş bina edəcək? Deyə bilməm bunu sərihü yəqin * * * Mirzə Həsən "Mirzə" təxəllüs Qüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur. Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbiristanlığı" deyilir. Mirzə Həsənin qürbətdə vəfatı öz qohum-əqrəbasına və xüsusən, şüəravü ürəfa silkinə artıq dərəcədə təsir eləyir və hər birisi bir növ növhə ilə o mərhumun övsafi-cəmiləsini zikr eləyir. O cümlədən Mirzə Əbülhəsən "Şəhid" təxəllüs bu fərdi onun maddeyi-tarixində demişdir: Şəhid qoft besale-vəfatəş in mesrə: Hezar ah in qamət hezar əfsus. [1] [1] Tərcüməsi: Şəhid onun vəfatı ilinə bu misranı dedi: Bu qamətə min ah, min təəssuf. Bu maddeyi-tarixdən məlum olunur ki, Mirzə Həsənin vəfatı hicrətin 1249-cu sənəsində vaqe olubdur. Mirzeyi-mərhum müasirləri arasında sahibi-kəmalü mərifət bir şəxs sayıldığından xatiri artıq dərəcədə əziz tutularmış. Aşıq Pəri və Aşıq İbn Canı ki, aşağıda tərcümeyi-hallarından bəhs olunacaqdır, onun şənində gözəl şerlər yazmışlar. O cümlədən Aşıq Pərinin Mirzəyə xəstə olduğu halda yazdığı namədir ki, burada zikr olunur: Nə yatıbsan ləhaf bəstər içində, Bimarmısan, nədir bəs halın sənin? Eşqin mərizinə mən də təbibam, Bəyak eylə mənə əhvalın sənin. İsmi-şərifiniz ada yetişsin, Mətləb alıb hər murada yetişsin, Şahlar şahı özü dada yetişsin, Hifzində saxlasın zəvalın sənin. Barilaha gülzarına qıymasın, Xəstə düşüb bimarına qıymasın, Şirin-şirin göftarına qıymasın, Bağışlasın qaşı hilalın sənin. Bir məsəldir: bağban olan bar çəkər, Əndəlibin meyli gülüzar çəkər, Allahına bəndə ahü zar çəkər, Qəm çəkmə, kamildir kəmalın sənin. Mən Pəriyəm, eşqə zarəm, neyləyim, Dərdi-dildən xəbərdarəm, neyləyim, Burda ora intizarəm, neyləyim, Şəfalansın nuri-vüsalın sənin! Mirzə Həsən Aşıq Pərinin cavabında yazmışdır: Bu qəm bəstərində möhnət içində Daim fikrimdədir xəyalın sənin. Dərmansız dərdimə bulunmaz çarə, Müyəssər olmasa vüsalın sənin. Könül adət ahü zarə eyləyir, Eşq sirri aşikarə eyləyir, Qoyma, ruzigarım qarə eyləyir—- O zülfün, [o] xəttin, o xalın sənin. Qönçə lətafətli, lalə üzlüsən, Məstanə baxışlı, xumar gözlüsən, Şirin hərəkətli, şəkər sözlüsən, Yoxdur yer üzündə misalın sənin. İltifat eyləyib alıb canımı, Odlara salıbsan din-imanımı, Yəqin tirə edər şəbistanımı, Münəvvər etməsə camalın sənin. Sən Mirzənin qədrini bil, naz elə, Səgi-rəqiblərdən ehtiraz elə, Nəcəf bəyə iltifatı az elə, Həlak elər məni bu halın sənin. Və yenə Mirzə Həsən Aşıq Pərinin hüsnü camalını belə vəsfü tərif qılmışdır: Lalə yanağında badi-səbadən Ucu tər cıqqalı tellər oynaşır. Süzgün baxışından xumar gözlərin Hiylələr, fitnələr, fellər oynaşır. Cəm olubdur hüsnün, bu vəcahətin, Yetməsin zəvalə çeşmi-afətin, Yayınsa bir zaman sərvi-qamətin, Gözüm içrə qanlı sellər oynaşır. Boyun yaraşıqda qiyamət eylər, İşvəni, qəmzəni bu babət eylər, Ağ məmə köynəyə zərafət eylər, Kəmər ilə nazik bellər oynaşır. Mum tək incəlmişəm incə belindən, Sövdayə düşmüşəm siyəh telindən, Titrədikcə zülfün səhər yelindən, Sanasan gülşəndə güllər oynaşır. Etdikcə vəsfini Mirzə mükərrər, Tazələnib ruhum olur müəttər, Gülüstanda zülfün kimi müənbər Nə susənlər, nə sünbüllər oynaşır. Vətəni-məlufundan diyari-qürbətə hicrət etdiyi əsnada bir dilbəri-şirinməqala xitabən aşağıdakı qəzəli inşad etmişdir: Əla ey şuxi-şirinkari-bimürvət, xudahafiz, Qəmi-eşqində bəsdir çəkdiyim zillət, xudahafiz! Nigara, dövri-ruyində rəqibim şadkam oldu, Mənəm ancaq olan avareyi-qürbət, xudahafiz! Könüllər izdihamı, şanə cövrü qoymadı könlüm-- Edə zülfündə bir asayişi-rahət, xudahafiz! Dərində şad bulsan pasibanın xatiri yetməz Bu gündən böylə naləmdən ona zəhmət, xudahafiz! Həsən, bu mahrulərdən vəfavü mehr az istə-- Ki, cövr etmək olur məhvəşlərə adət, xudahafiz! Məhəmməd bəy "Aşiq" təxəllüs Mirzənin dostu imiş və aralarında dostluq və məvəddət var imiş. Hər ikisi Aşıq Pəriyə bir növ aşiq olub, onun mədhində şerlər yazarlarmış. Məhəmməd bəyin bir qəzəlinə cavab olaraq atidəki şerləri inşad etmişdir: Yetişdi, Aşiqa, əşari-mövzunun bu rüsvayə, Həmana bəxt saldı başimə guya mənim sayə. Bu nə əyyami-piridir, yenə nə küştigiridir, Burax bu şüğlu, ey piran, mənim tək bari bürnayə! Dolaşma şanə tək sən çox o giysuyi-pərişanə, İlişsə payinə bir tük, gedər başın bu sövdayə. Bükülmüş qədd ilə ol sərv baş çəkməz kənarından, Xədənki-cansitan müşkül girər böylə pozuq yayə. Gərək dərd əhli dərdin əhli-dərdə eyləsin hali, Giriftarəm sənin tək mən də bir sərvi-dilarayə. Məgər məşuqun aşiq qaşını oxşatdı, ey Aşiq, Yeni ayə və ya yayə, əgər göydən yenə ayə. Bir ay üzlü, qara gözlü, şəkər sözlü, sözü duzlu, Beli incə, ağız qönçə, ləbi şəhdi-müsəffayə. Bu qəzəlin ikinci beytindən belə anlaşılır ki, Məhəmməd bəy sinndə Mirzə Həsəndən böyük imiş. Necə ki, Mirzə ona zərifanə deyir: Sövdayi-eşqi əyyami-piridə boşla və bu şüğlü mənim tək bürnaya--cavana həvalə elə. Bainhəmə Məhəmməd bəy Mirzə Həsəndən artıq yaşayıbdır. * * * Mirzə Hüsen "Zülali" təxəllüs Mirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur: Qəzəli-Mirzə Hüseyn Zülali: Gülü gülzarı dünyanın cəfayi-xarına dəyməz, Meyi-gülgun xumarı verdiyi azarına dəyməz. Ola Qarun tək gəncin, müsaid olsa iqbalın, Çəkən həsrət gedən dəm dövlətin idbarına dəyməz. Güzidə məkulatın ləzzətin bilmək fəna üzrə Bəqa zəqquminin bir qətrə zəhrimarına dəyməz. Əgər kamil ola ol meypərəstin əqli başında, Gəlib meyxanənin hər gün başi divarına dəyməz. Qoyub xəllaqını məxluqdən hər kim dilər rizqin, Onun "aməntü billah" etdiyi iqrarına dəyməz. Zülali bəzmi-ürfanda əgər lafü gəzaf etsə, İnanman doğrudur göftarı, bu girdarına dəyməz. * * * Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs Kazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür. Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur: Nədəndir, ey bəyim, əşarıma sizdən cavab olmaz, Bu gündən böylə daxi şeriniz gəlsə, hesab olmaz. Sədayi-qafiyə ya bir qəzəl yox suyi-dilbərdən, Necə səbr eyləsin dil, bundan artıq kim, əzab olmaz. Keçib ol novcəvanlıq, kimsə yad etməz məni hərgiz, Qocalıq damənim tutmuş, dəxi zövqi-şəbab olmaz. Gərək yad eyləsin səyyadi-tazə köhnə səyyadı, Təsəvvür etməsin torlan kim, üstündə üqab olmaz. Rəqibi-kəcrəvi gör yar ilə işrət qılır hər dəm, O yerdə şəbpərə pərvaz edər kim, afitab olmaz. Tikilmiş bir hədəfdir lövhi-sinəm tiri-müjganə, Xədəngi-qəmzədən üşşaqlərdə ictinab olmaz. Fədai gəlsə yarın kuyinə, didarı mən etmin, Neçün kim, aşiqü məşuq arasında hicab olmaz. Salikin Mirzə Məhəmməd Qaib oğluna yazdığı bir qəzəl: Olma, ey Mirzə Məhəmməd, zəmmi-şerimdən məlul, Əhli-dil əhli-dilin azarını eylər qəbul. Naləvü fəryaddır arayişi-bəzmi-cünun, Şövkətidir şairin həm söyləmək tulü füzul. Gərçi istərsən ki, Misri-şerə sultan olasan, Eylə bir yari-əziza canını, əlbəttə, qul. Aşiqi-sadiqlik istərsən əgər, ey əhli-hal, Adına Məcnun desinlər Qeys tək divanə ol. Ey məcazi eşq ilən kəsbi-həqiqət eyləyən, Çək qədəm ki, mənzili-məqsudinə getməz bu yol. Ey ki, bəhri-eşqə düşmək istər isən, qıl həzər, Eşq dəryasın görüb Məcnun demiş: biərzü tul. Salika, ol yar yari-qəmküsarın olmasa, Vərteyi-vəhşətdə qaldın, başına bir çarə bul. * * * Molla Qasım Zakir Şəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır. Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur. Təbi-səlim sahibi olduğu üçün hər qisim əşarü asar vücuda gətirmişdi. Şüğlü sənəti məktəbdarlıq, mollalıq olubdur və lakin ol vaxtı mollalıqdan artıq bir mənfəət hasil olmadığı üçün kəsbi-məaş yolunda başqa işlərlə dəxi — kümdarlıq kimi --məşğul olarmış. Məşhur qövlə görə, şairin dilində dügün, rəkakət var imiş. Çox vaxtı danışıq zamanında və acığı tutanda dili tutularmış. Amma şer söyləyəndə rəkakətdən bir əsər görünməzmiş. Şeri çox rəvan oxurmuş. Nuxalı Molla Qasım Zakir qarabağlı Qasım bəy Zakir ilə həməsr imişlərsə də, bir-birini tanımazlarmış. Təəccüb burasıdır ki, hər iki şairii isimləri "Qasım", təxəllüsləri "Zakir" olubdur. Hər ikisinin təbləri mövzun və zərif olduğu üçün əksər ittifaqlarda birisinin kəlamını qeyrisinə nisbət edərlərmiş və halan ki, ərbabi-fəsahət hər birinə nəzər yetirdikdə təfavütünü görüb təşxis və təmyiz edər. Molla Qasım təxminən altmış beş və ya yetmiş sənə bundan müqəddəm qırx beş sinnində vəfat etmişdir. Belə rəvayət olunur ki, Şirvan mahalında Molla Zakiri şairə bir qız şer meydanında məğlub edibdir və şair bundan ziyadə mütəəssir olaraq zəhərlənib orada dəfn olunubdur. Bu rəvayətin doğruluğuna şübhə var. Əgər filhəqiqə Şirvan vilayətində belə bir şairə və Molla Zakir kimi müqtədir əhli-kəlama faiq gələn qız olmuş olsaydı, hərgiz binişan qalmazdı, namü şöhrəti dillərdə söylənərdi və şerlərindən bir əsər qalardı. Molla Qasım Zakirin əsərləri çox isə də, dağınıq və pərişan haldadır. Onlardan bir parası cənab müfti Hüseyn əfəndi Qaibovun "Məcmuə"sində tapıldı və bir neçəsi pərişan övraqda göründü. Nümunə olaraq bəziləri burada dərc olunur. Qəzəli-Molla Zakir: Əsiri-baği-hüsnün mən tək olsa bülbüli-şeyda, Oxur kuyində zövq ilə "fəsübhanəl-ləzi əsra". İki məstanəvü məxmur çeşmin fikr edən tərsa Unutmaz, dildə zikr eylər ki, amənna və səddəqna. Əsasi-eşqi qurdun, keç fənadən, tut rəhi-üqba, İçarət eyləmə kərkəs kimi dünyavü mafiha. O tari-kakilin feyzin alıbdır gərdəni-mina, Onunçün qarə keymiş ruzigarın ol şəbi-yelda. Əgər ol mahrudən zərrə, Zakir, görməsəm beyza, Axar seylabi-əşkim, çeşmeyi-qəmdən olur dərya, Bu qəzəldən maəda Zakiri-Nuxəvinin iki natamam qəzəlləri xoşməzmun kəlamlar cümləsindən olduğu üçün aşağıda zikr olunur. Bu natamam qəzəllər müfti əfəndinin "Məcmuə"sindən götürülübdür. Birinci qəzəl: Könül əhli-cahan içrə olub bir şux dustağı, O şuxun şux rəftarı çəkibdir sinəmə dağı. Edibdir gözlərim yaşı binayi-ömrümü viran, Mənim viran olan könlüm olubdur bayqu yığnağı. Ləbi-ləli-şəkərbarı lətafətdə, təkəllümdə, Sanasan bağ ara titrər səbadən lalə yaprağı. Nə hacət badəvü sağər, dağıtdın Huşumu sərdən, Məni məstü xərab etmiş o şuxun əyri baxmağı, İkinci qəzəl: Mey nəşəsi gətirdi məni xüm ayağına, Mən oldu rəhnüma yenə kövsər qırağına. Bir büt xəyalü mehrimizi aldı aqibət, Sənan kimi buraxdı bizi tərsa dağına. Ləli-ləbin güzarına düşmüş həcər yolu, Ya hindlər düzülmüş o Zəmzəm qırağına? Şol türrələr ki, tərfi-bənaguşu bəkləyib, Өmrüm quşudu yoxsa qonub gül budağına? Eşqin əlacı olmaz, əgər gəlsə yüz təbib, Ta həsrət içə dəyməyə ləb yar dodağına, Əyzən kəlami-Molla Qasım: Göz qaldı yolunda, namdarım, Səbr etməyə olmadı qərarım; Qurbanın olum, təğafül etmə, Sənsiz mənim olmaz ixtiyarım. Ey gənci-məlahətin ziyasi, Sərmayeyi-dürri-şahvarım, Gün kimi cəmalının yanında Bir zərrəcə yoxdur etibarım. Cəllad baxışlı, ahu gözlü, Ey kakili-zülfi-şəkkbarım, Yoxdur mənə sənsiz, ey yeganə, Hicran günü yari-qəmküsarım. Mən Zakiri-bəndeyi-qulaməm, Sən xosrovi-eşq, tacidarım! Müxəmməsi-Zakir: Ağa, bu gülşəni-aləmdə bəndə xar qalsınmı? Deyim dərgahına bir ərzi-halım var, qalsınmı? Yazıb hali-dili şərh eyləyim təkrar qalsınmı? Өzün insaf elə, könlümdə atəş bar qalsınmı? Sənin tək mərd ağası olan naçar qalsınmı? Sənin qurbanın ollam kim, neçün müşkülgüşasən sən! Həqiqət dərdməndə görməyən möhnət rəva sənsən! Şikəstəbəstələr xatirlərinə mumiyasən sən! Təmamən əhli-dərdin dərdinə fikri-dəvasən sən! Rəvadır bəstəri-zillətdə dil bimar qalsınmı? Dedin məddahi-nakəs olma, əşarə qələm çəkmə! Cəfa vermə dili-əfkarına, çövrü sitəm çəkmə! Bu dövrani-fənadən zərrəcə ahü ələm çəkmə! Buyurmuşdun səni bərdaşt qıllam, hiç qəm çəkmə! Çəkir həsrət könül, bəs didə giryan, zar qalsınmı? Sənə canım fəda olsun ki, sən ərbabi-şövkətsən, Hüzuri-vacibül-ərzim, neçün miri-vilayətsən, Kərəm kanı, ədalət mədəni, bəhri-səxavətsən, Çiraği-mərifət, həm pərtövi-xurşidi-himmətsən, Könül ayinəsi, ey sahiba, bəs tar qalsınmı? Keçər hər kimsənin rəyincə, bir növi mədarı var, Bu gülzari-fənadə könlümün çox ahü zarı var, Rəvadırmı sənin tək dadrəs kim, tacdarı var, Təmamən əhli-şəhrin hər birinin kəsbü karı var, Gəzib sərgəştə Zakir hər tərəf, bikar qalsınmı? Bu müxəmməs mərhum Molla Zakirin öz dəstxəttilə göy və qalın kağız üstündə nəstəliq şivəsilə yazılmış bir əsərdir. Bu nadir nüsxəni cənab Rəşid bəy Əfəndizadə Nuxada tapıb, lütf üzü ilə bizə ianə etmişdir. Əgərçi məzkur vərəqparədə yazılmış xətt açıq oxunur və lakin Molla Zakir hürufi-müqətəə cümləsindən olan ">" "Y" "Y" hərflərini bir sayaq üzrə — yəni cümləsini "Y" hərfi k imi yazdığından və "nuni-səğir"in (Y) qabağına nöqtəli "nun" (y) izafə etməklə əvvəl dəfə yazı bir az çətinlik ilə oxunur. Bu müxəmməsdən Molla Qasım Zakir fəqir, möhtac və kəmbəzaət bir şəxs olduğu anlaşılır. Şair öz müasiri Şəki ağalarından miri-vilayət və sahibi-dövlət və hökumət olan bir vücuda kəmali-əczü inkisar ilə rücu edib, ondan bir mənsəb və qulluq istəyir. Şairin kəlamından məlum olur ki, məzkur ağa əhli-mürüvvət və sahibi-mərifət bir şəxs imiş ki, məlcəi-füqəra və mərcui-züəfa hesab olunurmuş. Necə ki, şair onu bu ibarələr ilə vəsf qılır: "kərəm kanı", "ədalət mədəni", "səxavət bəhri", "mərifət çirağı" və "himmət şəmsinin pərtövü". Müxəmməsin axırında şair öz dəstxəttilə bu sözləri də qeyd edibdir: "Çün vacib idi, hüzura ərzü təqrirü bəyan eylədik, sahib ixtiyarsız". Bu ağa, yəqin ki, Fətəli xanın oğlu mərhum Kərim ağa Fateh imiş ki, sahibi-mərifət və səxavət bir zat olduğu dillərdə söylənərmiş. Onun tərcümeyi-halı babında gələcəkdə məlumat veriləcəkdir. Müxəmməsi-müstəzadi-Molla Zakir: Səd bar şükr dideyi-xummarını gördüm, Ey ruhi-mücəssəm! Badami-siyəh, nərgisi-məstanını gördüm, Qəm çəkmərəm ölsəm. Ey sərvi-qəbapuş ki, rəftarını gördüm, Oldusa qədim xəm. Өmrüm başa yetdi güli-ruxsarını gördüm, Vəslin mənə mübhəm. Sabit olan ancaq sənin iqrarını gördüm, Ey şahi-müəzzəm. Nadir olu bir sən kimi sərdari-fərəhnak, Ey bəxqi-hümayun! Haşa ki, sənin tək ola bir sahibi-idrak, Hikmətdə Fəlatun. Çün kakilin etdi neçə Harutu xətərnak, Olmaz belə məftun. Zülfi-siyəhindir səbəbi-qatili-Zöhhak, Kar eyləməz əfsun. Kisu demək olmaz, iki şahmarını gördüm, Gənc üstünə məhrəm. Vazeh görünür feli-ləbindən sənin, ey ruh. Ecazi-Məsiha. Gər qılsa təəmmül səni girdaba düşər Nuh, Ey gövhəri-yekta! Haşa ki, cəmalın tək ola lamei-məftuh, Mehrü məhi-dünya. Müşki-Xütən ahulərini eylədi məcruh Nəzzareyi-ziba. Qəmzən həşəmi navəki-mücganını gördüm, Dil oldu müsəmməm. Eşq atəşinə yanmağa mərdanəlik istər Həmtayi-səməndər. Şəmi-ruxi-cansuz ola, pərvanəlik istər, Ey nuri-müsəvvər. Məşuqə məgər aşiqə biganəlik istər, Ey şahi-sitəmgər? Gördüm səni, könlüm rəhi-bütxanəlik istər, İnsaf elə, kafər! Sənan sifət ol həlqeyi-zünnarını gördüm, İman evi bərhəm. Qurtar məni-biçarəni bu hicrü bəladən, Bəsdir bu mətalib. Əl çək, dolanım başına, bu cövrü cəfadən, Axır nə münasib? Billah, sənə ustad deyirlər bu ədadən, Hər nakəsə raqib, Gündə neçə yüz laf uran mehrü vəfadən İqrarına kazib. Zakir, dediyin əhli-vəfa yarını gördüm Əğyar ilə həmdəm. Müxəmməsi-Molla Zakir: Ey gül, bu lətafətdə sənə yoxdu qərinə, Mücdə veri Yusif bəsi hüsnün xəbərinə, Eşqin neçə üşşaqi salır bəhri-dərinə, Çatmaz ləbinin Xızrü Məsiha əsarinə, Qəvvas ola gər məxzəni-dərya göhərinə. Ey şahi-məlahət, bu rəviş var ola səndə, Bülbül oxuyur vəsfini gülzari-çəməndə, Qəmzən oxu yüz qan elədi mülki-Xütəndə, Xalın həbəş ahulərini saldı kəməndə, Zülfi-siyəhin verdi nəsəq Çin şəhərinə. Nə həddi var Əflatun edə lafi-kəmalın, İskəndəri zülmatə salır şəhdi-zülalın, İman evinin payəsidir nöqteyi-xalın, Faiq gəlü bir zərrə sənin nuri-cəmalın, Çərxi-fələyin pərtövi-mehrü qəmərinə. Eşqin ələmi saldı mənim canıma əxgər, Ey bürci-səadətdə gəzən nuri-müsəvvər, Ey qaməti tənnaz olan rövnəqi-məhşər, Xaki-qədəmin feyzi əgər olsa müyəssər, Kafərdi o kəs üz çevirə xüldi-bərinə. Qorxum budu zəngari-xətin üz verə nagah, Axşama dönə ruzi-ümidim mənim, ey mah, Tən bəndə duasını qəbul eyləsə hərgah, Əhdim budu, ey şux, cəfa yetməsin əsla Əğyar əli ol daməni-vəslin kəmərinə. Hicran ilə məsdud isə bu qəlbi-müzəyyən, Ol pavəki-mücganın edib sinəmi rövzən Qurbanın olum mən sənin, ey arifi-pürfən, Ceyran quzusu etdi mənim könlümü məskən, Səyyadi-qəza düşdü onun rəhgüzərinə. Zakir sənə bildirmədimi elmi-nəsihət? Var eşq təriqində neçə bari-riyazət, Asan görünür xəlqə məgər xəncəri-ülfət, Məstanə olub eyləmisən lafi-məhəbbət, Tab eylə, könül, atəşi-eşqin şərərinə. Qafiyeyi-Molla Zakir: Bir namə yazmışdın, gözəllər şahi, Gəldi, məni-mübtəlayə yetişdi. Guşeyi-gülahım fəxri-namədən Gedib çərxi-müəllayə yetişdi. Şəhbazi-aləmsən, istərəm səni, Allahı sevərsən, unutma məni; Guya ki, Yusifin gül pirahəni Ol Yəqubi-binəvayə yetişdi. Kim əl çəkər sən tək nazikbədəndən, Şəhbazi-bibədəl, gülpirəhəndən; Ol zaman ki, xəbər bilmədim səndən, Ahü naləm Məsihayə yetişdi. Mən dönmənəm, ölsəm əhdü beyətdən, Düşməsin məzacın istiqamətdən; Gəldi namə sən tək mahtələtdən, Başımıza şöləsayə yetişdi. Sən Molla Zakirin qibləgahısan, Malahət şəhrinin padişahısan, Aşiqi-sadiqin nəzərgahısan, Səadətin Sürəyyayə yetişdi. Molla Zakirin xoruzunu çaqqal aparır və molla xoruzun səsini eşidib, dalısınca gedib, onu çaqqalın ağzından saldırır və xoruz nimcan olduğu əsnada şair ona xitabən istehza təriqincə bir neçə sözlər deyir. Bizim əlimizə düşən nüsxədə şerin vəznü qafiyəsində qələt çox olduğu üçün düzgün oxunmağı müşkül oldu. Bu şerlər ilə molla kəlamı xətm edir: Əgər eşidibsən, olarsan təskin, "İza caə əcəlühüm ayəsin, Zakir kimi qəlbini tut mütməin, Gedirsən cənnətül--məvayə, xoruz! Müsəmməni-Molla Zakir: Ey gül, sən əgər şəhi-cahansan, Hökm eylə ki, nazanini-cansan! Sərdari-əmiri-aşiqansan, Bəhrami-xədəngi-zərnişansan. Sən navəki-xəncərü sinansan, Cəlladi-sitəmgəri-zamansan. Өldür məni, vermə bir aman sən, Bais ki, rəqibə mehribansan. Ey Gövəri-Qülzümi-kəmalat Ey nuri-xudavü mehri-zərrat, Bir kimsəyə üz verən mühimmat Sənsən ona müqtəzayi-hacat, Bu fikri-məhal səndə, heyhat, Dün nərgisi-məstin oldu isbat. Dedi səni saqiyi-xərabat, Əz badeyi-nazi-sərgiransan. Ey pərtövi-asimani-qüdrət, Ey mədəni-gövhəri-məlahət, Ey ləli-ləbi Məsihadət, Səndən kimə eyləyim şikayət? Hicran ilə keçdi ömrü müddət, Ey rəsmi-vəfadə bimürüvvət, Ey gülşəni-əhdi-bidəyanət, Gər sərv ola qamətin, rəvansan. Ey kişvəri-hüsn padişahi, Ey əhli-ziya ümidgahi, Ey bəndeyi-asi üzrxahi, Ol külli-xəlayiqin ilahi, Xəlq eylədi səbzəvü giyahi, Gülzari-cəmalının gəvahi, Ey əhli-bəsirətin pənahi, Sən süni-bədii-laməkansan. Zakir, bu nə afətü bəladır? Bu hadisədən nə müddəadır? Çün dil bu məşiyyətə rizadır, Dünyada bu özgə macəradır. Üşşaq olanın işi cəfadır, Məşuqə həmişə bivəfadır. Könlüm quşu tikmə bibinadır, Bu nəxli-bəlada aşiyansan. Vəsfü tərifi-dilbər babında tənzim olunmuş əşari-müsəddəsəni--ki, aşağıda zikr olunur,--bəziləri qarabağlı Qasım bəy Zakirə və bəzi digəri nuxalı Molla Qasım Zakirə nisbət etmişlər. Bizim anladığımıza görə, bu kəlam gərək Qasım bəyin olsun. Buna şiveyin-lisan dəxi şəhadət verir və bundan əlavə çox ehtimal var ki, bu şerləri Qasım bəy gülablı Kərbəlayı Səfi Valehin kəlamına nəzirə olaraq yazmışdır və Kərbəlayı Səfi də məzkur kəlamı, bəzi rəvayətə görə, Molla Pənah Vaqifin fərmudəsi ilə təzə səbkdə inşa etmişdi[1]. Haman kəlam budur: [1] Kərbəlayi Səfinin şeri belə başlanır: Ləbinə nazlı yarın badeyi-gülfam dedim, Tündü təlx oldu, mənə məstü cünun olma — dedi. Gözləyən kimsə, gözüm haqqı, deməz ay sənə, Nəçidir ay vəcahətdə ola tay sənə? Sən kimi görum onun çöhreyi-tabanımı var? Xali-hindusumu var, zülfi-pərişanımı var? Bir sarı rənglicədir əvvəli əyri nun tək, Elə ki, keçdi iki-üç gün olu bir parə çörək. Bəzi məclisdə qədin sərvü sənubər oxunur, Tanrı bilsin ki, bu saf qamətinə şər oxunur. Qamətin kimi onun seyri-xuramanımı var? Əzmi-cövlanımı var, afəti-dövranımı var? Bağ-bostanda əgər bağban onu tək-tək, Bundan ötrü ki, kümə məsrəf olur tirü dirək. Müddəilər gözünə nərgisi-fəttan desələr, Kim inanır bu sözə, göz görə böhtan desələr. Nərgisin çeşmi-xumarın kimi məstanımı var? Tiği-bürranımı var, navəki-mücganımı var? Yaz olur, həqdi bitər, bir şeyə olmaz o gərək, Əqli zad gəsməz uşaqlar yığar anı görcək. Ağzını duş biri qönçəyə nisbət söləmiş, Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş. Qönçənin ağzı nədir, ləfzi-dürəfşanımı var? Ləli-meygunumu var, gövhəri-qəltanımı var? Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək, Dağılır hər vərəqi bir tərəfə bad əscək. Nə rəvadır, ləbi-ləlin meyi-gülfam olsun, Onu bədnam qılanlar özü bədnam olsun! Ləli-nabın tək onun duzluca xəndanımı var? Abi-heyvanımı var, dərdlərə dərmanımı var? Əslü zatı bu ki, bir bəstlik ənguri-tənək, Quyşaq üzüm suyuyü monzili bir saxsı sənək. Zülfünə sünbüli-tər kim ki, desə, ölməlidir, Urula payinə zəncir gərəkdir, dəlidir. Sünbülün səfheyi-ruxsardə dövranımı var? Ənbərəfşanımı var, nikhəti-rizvanımı var? Bir ələfdir ki, yeyər daim onu at, eşşək, Əvvəli kah təbah, axırı biqürb, təzək. Ağzıma gendi desəm limu əgər püstanə, Ol iki qübbeyi-nur, tazəvü tər püstanə. Eyşü nuşində onun ləzzəti-ruhanımı var? Səhni-meydanımı var, zövqi-firavanımı var? Өzü bədşəkl, ağızda təmi manəndeyi-zək, Bir malın qiyməti olmaz kişi satsa yüz ətək. Ziynəti-kuyini gərdunə bərabər deyənin Cırasan ağzı, qulağın döşünə hər döyənin -- Ki, göyün, hərzə kişi, lölöi-mərcanımı var? Dürri-məknunumu var, ləli-Bədəxşanımı var? Sanıb əncüm görünür həqti tühi tasi-fələk, Çərx miratına yerdəndi düşüb əksi-çiçək. Qoyma əğyarı səri-kuydə məva tutsun, Aşiqi-sadiqini bülbüli-şeyda tutsun. Zakirin kimi onun sövti-qəzəlxanımı var? Təbi-mövzunumu var, şeri-nümayanımı var? Eşidən incir onun tərzi-nəvasın bişək, Şivəsi cəngü cədəl, naləvü əfğanı kələk. * * * Məhvəşi Şirvani Məhvəşi Şirvani on üçüncü əsrin əvayilində Şirvan vilayətində Ağaməsih Şirvanidən sonra vücuda gəlibdir. Bir çox kəlamından — ki, bizim əlimizə düşübdür, — onun əhli-hal və sahibi-kəmal bir şairi-şirinməqal olduğu görünür. Hər qisim əşarı vardır. Onlardan bir parası nümunə üçün burada təstir olunur. Peyğəmbəri-valatəbarımız Məhəmmədəl-Mustafa həzrətlərinə olan məhəbbət və sədaqətini bu qəzəli-bibədəlində bəyan etmişdir: Ey nikahi cansitan, çeşmi-siyahi dilfərib, Qoymamışdır məndə-qəmzən səbrü aramü şəkib. Bəndeyi-biçarəyəm, avarə düşmüş kimsəyəm, Qıl tərəhhüm mən fəqirə, olmuşam miskin qərib, Gözlərin cəlladi-yaği, qaşların qövsi-qüzeh, Kipriyin xunrizi-dövrandır, xətin nəqşi-əcib. Şəhriyari-xubrusan, xosrovi-alinicad, Mətləi-ənvari-həqsən, şafei-ruzi-həsib. Dərgəhin darul-amandır, xakpayin tutiya, Söhbətin ənfasə candır, rəfətin əcza təbib. Xatəmi-xeyli-rüsülsən, əvvəli-hirzi həyat, Baisi-icadi-aləm, məhrəmi-sirri-mücib. Məhvəşi bir kəmtərindir dəhr ara aramı yox, Müntəzirdir rəhmətə, şəfqət elə bir şey nəsib. Qəzəli-Məhvəşi: Vermişəm dünya mətain qarətə cananə mən, Olmuşam məsruru xürrəm, eylərəm şükranə mən. Neylərəm qəmxanəni, qəm çəkməyə dünya üçün? Eylərəm şükrü səna ol xaliqi-sübhanə mən. Dami-qəmdir bu cahan, meyl eyləmən ol danəyə, Görmüşəm tüğyani-Adəm ismini dər danə mən. Yar kuyi məskənimdir, istərəm ol kuyi mən, Yarsız meyil etmənəm ol rövzeyi-rizvanə mən. Yari-baqidir mənə, həmrahü həmxabım müdam, Həmnişin, həmsöhbətəm ol qadirü yəzdanə mən. Məniyi-zatım nümayan, məndədir ənvari-həq, Dərgəhi-piri-muğanəm, guşeyi-meyxanə mən. Məndədir cami-sürahi, xəlvəti-kaşanə həm, Cami-Cəmdir, Məhvəşi, peymanə o, məstanə mən, Məhvəşinin bu növ mütəəddid şerlərindən məlum olur ki, ol mərhum da Nişat kimi şüərayi-farsdan sufiməslək Şeyx Əttara, Şəms Təbriziyə və Mövlana Cəlaləddin Rumiyə peyrəvilik edib bir növ özü də həqiqətpərəst olmuşdur. Məhvəşi şeyin zahirinə etina etməyib, hər yerdə onun həqiqətinə və batini aləminə diqqət yetirib mənayi-əzəlisini bilmək istəyir. Şair cümleyi-kainatda və kaffeyi-mövcudatda böyük hikmətlər və sirrlər hər dəmdə zahir olduğunu görüb də bir kəlamında deyir: Yari-baqi oldurur əflakdə seyr eyləyən, Baxgilən ibrət gözilə, görgilən əsrari-həq. Sirri-həq mövcuddur hər dəmdə izhar eyləyir, Gah dildə, gah güldə görsənir əsrari-həq…. Suya bax, daşdan çıxıb cari olur, aramı yox, Gah gərmü gah sərdü mötədil əsrari-həq. Aç gözün, qılgil nəzarə, hər yana baxsan, odur, Vahid oldur, baqi oldur, münbəsit əsrari-həqq. Məhvəşi hər dəmdə görür gunə-gunə sirri-həq Xud özü bir sirrdir, söylər özü əsrari-həq. Şairi-həqiqətbin və xoşayin hər qisim məsiyyətdən öz vücudunu pak və münəzzəh görüb və cami-bəqadan çəşidə edib, aqil və kamil bir vücud olmasını və sirri "ənəlhəqq" söyləməsini başqa bir kəlamında izhar eləyir və ibtidayi-kəlamı fatehi-Xeybər və saqiyi-kövsər, yəni Əli Heydəri-kərrarın mədhilə başlayıb, özünü bu sayaq nişan verir: İçmişəm cami-əzəldən, olmuşam məstanə mən, Saqiyi-kövsər Əlidir, olmuşam cananə mən. Oldurur şahım, pənahım, məzhəbü dinim mənim, Elmi-zahirdən, nə hasil, olmuşam biganə mən. Oldurur elmül-lədünni, oldurur əsrari-həq, Kəmtərii bir bəndəyəm, şükr eylərəm sübhanə mən. Kəbəni bütxanədən ayrı bilir zahirpərəst, Məscidin tərkini qıldım, bəklədim meyxanə mən. Məstü məxmur olmuşam, zahid, dəri-meyxanədə, Söylərəm sirri-"ənəlhəqq", olmuşam divanə mən, Cənnətü firdovsi-əla vəsfini çox söyləmə, Yar baqidir mənə, bil, baxmışam Fürqanə mən, Oturub bir guşədə, taət edirsən xaliqə, Niyyətin cənnət imiş, gör, söylərəm mərdanə mən. Bil həqiqət həqqdən, vaiz, usan bu cəhldən, Cənnət içrə izzi yoxdur, girmişəm rizvanə mən. Kor olubsan, görməyirsən röyəti-cananını, Məhvəşi, gəl qıl nəzarə, onda dur, dürdanə mən. Məhvəşinin yuxarıda yazılan kəlamlarından — ki, mənən və bəlağət heysiyyəti ilə biqüsurdurlar, onun Füzuli əleyhirrəhməyə və Nəbatiyə təbəiyyət göstərməyi zahir olur. Ehtimal var ki, Nəbati ilə Məhvəşi bir əsrin adamları olmuş olsunlar. Hər halda onların kəlamları bir-birinə çox bənzəyir: həm ləfzən, həm mənən. Zahirpərəst vaizlərin haqqında demişdir: Vaizin zahiri xoş, sirri-xudadən qafil, Ümmiyi-əhməq imiş, batin işindən cahil. Nə olur zöhdü riyadən, nə bilir bixəbəran, Deməyin, mərdümi-dana, bulara siz aqil. Əqli yox kövdən imiş, misli-bəhaim bifəhm, Deməz insan bulara, mərdi-mübarək, qabil. Uymagil nəfsə, fəqih, zöhdü riyadən bir usan, Habili-xoşsiyəri qətlə yetirdi Qabil. Dəhri-dun məzrəi-üqbadı, bil anı təhqiq, Yaxşılıq töxmin əgər mərdümi-dana kamil. Olma qafil, həzər eylə bu riya işlərdən, Nəfsi-şuma uyuban etmə xəyalın batil. Bir eşit Məhvəşinin pəndini, ey vaizi-şəhr, Eşq dəryasına gir, eylə vücudun sahil. Məhvəşinin bu qisim xoşməzmun kəlamı çoxdur və cümləsində şairin həqiqətbin və alitəbliyi görünür. Bir qəzəlində şairin təbi övci-məqama pərvaz eləyib, şahbazi-fikri seyrangahi-lahutda dövrü gərdiş eləyir. Bu halət üzrə şair bəşəriyyət halından çıxıb öz vücudunu gah gənci-əsrari-xuda və mədəni-ənvai-cəvahir və məxzəni-ləlü gövhər bilir və gah göy üzündə gərdiş edən şəmsi-aləmara və səfheyi-asimanda bərq vuran seyheyi-səda və sair məxluqatın kaffəsinə məzhəri mənbə hesab eləyir. Məhvəşinin bu kəlamında Şəms Təbrizinin təsiri aşikarən görünür. Haman qəzəl budur: Bir fəqirəm şahasa, dərvişəm şeydasifat, Bir gədayəm birida, dərgahi-alimənzələt. Müstəhəq biçizü miskin bəndeyi-azadəyəm, Məxzəni-dürdanəyəm, əsrari-gənci-mərifət. Gənci-əsrari-xudayəm guşeyi-meyxanədə, Şəmsi-gərdunəm yəqin, seyr eylərəm dəryavü dəşt. Eylərəm bir dəmdə seyr əflaki-gərduni təmam, Mötəkif bir guşədə xummarvəş bipavü dəst. Xümnişinəm, çün Fəlatun hikməti-Rəhman mənəm, Pəhlivanəm çün Təhəmtən, olmuşam çalakü cəst. Bərq uran göy səfhəsində seyheyi-əfğan mənəm, Mədəni-ənvai-cövhər məndədir, ey xudpərəst! Sərfərazəm eşq ara, rindi-qələndərməşrəbəm, Şəhriyari-arifanəm tuqdari-tacü təxt. Şahbazi-fikrətəm, seyrangəhim lahutdur, İçmişəm mey cami-həqdən, olmuşam azadə məst. Saqiyi-rizvan qulami Məhvəşi küstaxdır, Dəhr ara sərməst olubdur zahirən ol rəyi səxt. Qeysəri-kəbrnicadəm, xosrovi-xaqani-Çin, Adili-Nuşirəvanəm, cami-Cəm, Cəmşidbəxt. Məhvəşinin bu məzmunda daha da bir çox qəzəlləri vardır ki, cümləsini burada dərc qılmağa ehtiyac yoxdur. Şair bəsirət gözü ilə ətrafına nəzər yetirib, tamami-məxluqatın axırını puçü zayü fani görüb, özü dəxi fəna arzusuna düşür, rahətü səadəti məhz fənada və aləmi-ədəmdə təhqiq edir və könlünü fəna mülkünə tərəf sövq edib deyir : Fəna olmaq dilər könlüm əlayiqdən qutarmaqdan, Fənadə işrətü qəm yox, misali-məstü heyrandır. Necə ki, bu babda Füzuli Bağdadi həm demişdir: Əlqissə, vücud dami-qəmdir, Azadələrin yeri ədəmdir. Belə olan surətdə mərgdən xövf etmək və fəna aləminə köç etməkdən məyus və mükəddər olmaq böyük bir səhv deyilmi? Həqiqəti-haldan bir növ bixəbər və qafil olmaq deyilmi? İnsan üçün ölüm haqqdır və ayeyi-vafi hidayə məzmununca "kullu şeyin halikun illə vəchəhu" — baqi və əbədi qalan ancaq bir qadiri-zülcəlaldır. Bu cəhətə dünyanın qəmin yeməkdən və övzai-zəmanədən dilgir və şaki olmaqdan bir fayda yoxdur. Vəli insan necə ki, diridir, həyatın qədrini gərəkdir bilsin və həqq-taala ona mərhəmət qıldığı qüdrət və bacarığı xeyir işlərə və haqq yoluna sərf eləsin. Tək fəna arzulamaqdan bir mənfəət yoxdur və həqq-taalanın əmri bizə səyü təlaşdır. Zaviyənişinlik və bikarçılıqdan bir şey çıxmaz. Bizim bu əsri-şumda hətta mədəni tayfalar arasında dəxi diriliyi biməzmun bilib dünyadan və onun keşməkeşindən bizar olub canlarına qəsd edənlər az deyildir. Axır vaxtlarda elə ittifaq düşür ki, paytaxt şəhərlərdə intihar edənlərin həddü hesabı əndazədən çıxır və ricali-dövləti, polisə məmurlarını, hükəma və fəlsəfə firqələrini fikrü əndişəyə salır. Bu hədsiz intihara səbəblər çoxdur. Vəli ümdəsi dünyadan bizar olub, beş günlük həyatı püç və biməzmun bilmək əqidəsidir. İslam aləmində dəxi bu fikrü əqidədə olanlar az deyildir. Təkcə Füzulinin: Əlqissə, vücud dami-qəmdir, Azadələrin yeri ədəmdir -- — şeri ona kifayət edir ki, çoxlarını qəflətdən ayıldıb beş günlük dünya məişətinin puç və boş olmağı barəsində böyük əndişəyə salsın. Başqa bir əcəm şairi bu xüsusda demişdir: Ma hiç, cəhan hiç, ğəmo şadi hiç, Xoş nist bəraye-hiç naxoş budən. Mərhum Məhvəşi dəxi bu əqidədə olduğunu bir qəzəlində izhar qılıb deyir: Şadiman ol, çəkmə qəm dünya üçün, ey nikmərd, Səndə vardır əsli-məna, gövhəri-paki-xirəd. Gün dolanır, ay olur, dövran keçir, olur xəzan, Fəsli-gül keçdi — deyib olma, könül, aşüftəgərd. Fanidir məcmui-əşya, sərbəsər hər nə ki, var, Yerü göy, şəmsü qəmər, əncüm, kəvakib, bad gərd. Oldurur baqi qalan, hər bir şeyin mənasıdır, Qeyr yoxdur, hər nə görsən oldurur yektayi-fərd. Şəkli-gunagun görünür dəhr ara bihəddü həsr, Təlxü şirin, xubü ziştü bədsiyər, ruxsari-zərd. Gör fənadə baqini, bilmən bu istiğna nədir, Ey səmənbar nazlı yarım, söyləmə bir hərfi-rədd. Yari-baqi çilvəsidnr hər nə körsən, Məhvəşn, Müztəribhal olmakil, ey mərdi-arif, metəməd! Həqq-taalanın tövhidi, qüdrətü əzəmətü bəqası xüsu-sunda və insanın zəf, əçzü fənası barəsində Məhvəşikin yuxarıda tərqim olunan kəlamı xeyli pürməna və Füzulinin kəlamına bənzər bir qəzəldir. Bu misilli qəzəlləri çoxdur. Əşarın qəzəliyyat qismindən səva Məhvəşinin hər növ kəlamı vardır. Cümləsindən mü-səlsəl və mövzun olanı tərçibənd və tərkibbənd kəlamlarıdır. Bunlardan qeyri bir çox xoşməzmun və səlis müsəd-dəsat, müxəmməsat və mürəbbeatı vardır ki, cümləsi-nin buraya küncayişi yoxdur. Nümunə üçün onlardan birisi zeyldə dərç olunur. Kəlami-Məhvəşi əleyhirrəhmə: Piranəsərəm, şurü nəvadən xəbərim var, Aşüftətərəm, suni-xudadən xəbərim var. Seyr eyləmişəm, teyri-hümadən xəbərim var, Bidar oturub badi-səbadən xəbərim var. Çox eyləmişəm seyr, fənadən xəbərim var, Kəl həmdəm olaq, əhli-bəqadən xəbərim var. Çüi mötəkifəm, zehdü riyadən xəbərim var, Xoffaş niyəm[1], mehrü ziyadən xəbərim var. [1]- Niyəm — yəni nistəm, deyiləm. Xəffaş niyəm — geçəquşu, Yarasa deyiləm. Hamu eləmən, yəni nəvadən xəbərim var, Zahnd deyiləm, sövmü səladən xəbərim var, Saqi deyiləm, bəzmi-səbadən xəbərim var, Hüdhüd deyiləm, şəhri-Səbadən xəbərim var. Tuti deyiləm, murği-Minadən xəbərim var, Zalim deyiləm, əhli-çəfadən xəbərim var. Vaiz deyiləm, xövfü ricadən xəbərim var, Alim deyiləm, elmi-xəfadən xəbərim var. Cahil deyiləm, "la"vü "əla"dən xəbərim var, Qafil deyiləm, qalü bəladən xəbərim var.. Nadan deyiləm, eyni-rizadən xəbərim var, Bidin deyiləm, əhli-vəfadən xəbərim var. Çoxlar dolanıb dəhrdə dürdanə tapaydım, Çoxlar dolanıb kənc ilə viranə tapaydım, Çoxlar dolanıb aşiqi-divanə tapaydım, Çoxlar dolanıb məscidümeyxanə tapaydım, Çoxlar dolanıb arifi-məstanə tapaydım, Çoxlar dolanıb saqiyi-peymanə tapaydım, Çoxlar dolanıb həmrəhi-mərdanə tapaydım, Çoxlar dolanıb qabil çananə tapaydım, Çoxlar dolanıb meyveyi-bidanə tapaydım, Çoxlar dolanıb şairi-fərzanə tapaydım, Çoxlar dolanıb məcməi-əfsanə tapaydım, Çoxlar dolanıb zivəri-kaşanə tapaydım, Çoxlar dolanıb məsnədi-şahanə tapaydım, Tənha oturub cümləni biganə tapaydım. Dövran dolanır, yoxdur onun səbrü qərari, Gündür dolanır, sübhü məsa yoxdu qərari, Suya nə olubdur ki, edər növheyi-zari, Azadə olan sərvi-səhin vermədi bari. Nə zinət ilə güllər açıb nəxli-ənari, Güllər — kimi əhmər, kimi abi, kimi sari. Bu hikmətə bax, şəhdi-müsəffa verir ari, Olmuş güli-həmra nə üçün munisi-xari? Gənc üzrə qılıbdır nə üçün məskən mari. Өvzai-cahan böylə olubdur niyə bari?! Vaiz sözünə tutma qulaq, olma giranbar, Bu cismi-lətifin eləmə cifeyi-murdar. Olma nigəran zəxmeyi-qəmxanədə bimar, Həsrətlə baxıb qeyrilərə eyləmə əfkar. Dövranü zaman kimsə ilə olmadı qəmxar, Budur qərəzin kim, olasan ona vəfadar? Əsla eləmə zaye özün dəhrdə, idbar, Uyma onun ətvarına, ey mərdi-nikukar! Biqiymət olub etmə özün zayevü biar, Bu bəzmdə mərdanə dolan feli səzavar. Bu pəndim eşit, işləmə bəd, olma xətakar, Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar! Bu zöhdü riyadən usan, ey zahidi-xudbin, Olma nigəran nəfsin üçün dəhrdə qəmgin. Səhrayə çıxıb seyr eləgil biqəmü bikin, İbrətlə baxıb fikr elə, gör gülləri rəngin. Nə şövkət ilə dağlər olmuş belə səngin, Nə tərz ilə bünyad olub dəhrdə maçin. Nə rəng ilə güllər yetirib bağdə gülbün, Nə vəch ilə aram deyil xuşeyi-pərvin. Göy səfhəsi üzrə gör edib nəcmlər ayin, Nə ətr saçıb bağdə nərgislə rəyahin. Gülzarə çıxıb həşmət ilə Xosrovi-şahin, Şahbaz baxıb gördü onun şövkətü cahin. Vaiz nə bilir keyfiyyəti-cəhlü həqiqət, Zahid nə bilir mərifəti-şərti-təriqət, Ümmi nə bilir mərtəbeyi-keyfi-nübüvvət, Nadan nə bilir nəşeyi-sərşari-məhəbbət, Naqis nə bilir nikü bədü qübhü qəbahət, Aşiq nə bilir şiveyi-göftari-fəsahət, Qafil nə bilir zövqi-ələm, üsrətü işrət, Zalim nə bilir mərhəmətü helmü mürüvvət, Alim nə bilir nükteyi-tövhidi-şəriət, Miskin nə bilir təntəneyi-hökmi-fəxarət, Kuran nə bilir ruzü şəbü əhsəni-surət, Şeyda nə bilir zivərü arayişü zinət, Sərməst nə bilir qaideyi-söhbətü fikrət, Bidar gərək arifü huşyari-ədalət, Pirani-rəhi-mərifətü munisi-vəhdət, Bunlardı həqiqətdə olan qabili-qüdrət. Ey vaiz, usan, eyləmə təkrar bu qali, Yüz hiylə ilə cəm eləmə malü mənali. Səhrayə düşüb eyləmə hər yerdə suali, Cəm eyləməgil boynuna bu qədr vəbali. Olma nigəran ruzi, həvəs eyləmə zari, Bu şirkü riyadən uzaq ol, etmə xəyali. Mərdanə dolan dəhrdə, bir eyləgil ari, Olma nigəran cifə üçün, şükr elə bari. Azadərəviş dövr eləgil, etmə xumari, Şeydasifət ol guşeyi-meyxanədə bari. Gəl adəm ol, ey əhməqi-sərgəştə, übali, Axır günüdür, xar olub çəkmə məlali. Ey Məhvəşiyi-suxtədil, xatiri dərviş Bünyadi-cahan böylə olub, eyləmə təşviş. Qəndü şəkərü zəhri-həlahil, əsəlü niş, Fərzanəvü divanə qamu munisü həmxiş. Gürgü, səgü gusaləvü büzqaleyi-buz, miş, Əsbü şütürü şir, pələngü kəlü camiş. Gürbə nədürür, ruzi olub onlar üçün muş, Ağıl buna çatmaz, eləmə bunlara sən guş. Bunlar həmə əsrari-xudadır, nə asan iş, Dövranı-fələkdənmi olubdur yaz ilə qiş? Ancaq özüdür eyləyən izhari-binaguş, Sərməstləri kimdir edən dəhrdə mədhuş? Məxmurlərə kimdi verən qüdrət ilə huş, Məxluqlərə kimdi verən füshəti-daniş? Fərzanə nikurəy gərək, aqibətəndiş. Məhvəşinin bu tərkibbəndində bəzi mətləblər təkrar olunursa da (məsələn, riyakar zahidlərə və dünyagir vaizlərə olunan töhmət və sərzənişlər kimi), bəzi mətləblər dəxi vardır ki, şayani-diqqətdir. Şair bir neçə məqamlarda mərhum müəllim Nacini öz əşari-hikmətamizi ilə yada salır və onun kimi bir çox nazik mənalar və mühüm işarələr üstə danışır. Həqq-taalanın bilinməz sirrlərini və ağlasığışmaz hikmətlərini yad edib matü mütəhəyyir qalır və bir növ çaşmış halda deyir: Bunlar həmə əsrari-xudadır, nə asan iş…. Bundan başqa bu tərkibbənddə Məhvəşinin gözəl bəndləri və tənbehləri dəxi vardır ki, onlara diqqət yetirməmək olmaz. Məsələn, bu dəhri-dunda beş günlük ömür üçün adam gərəkdir nəfsinə uymasın və feli-nasəza ilə özünü biarü biqiymət eləməsin: Əsla eləmə zaye özün dəhrdə, idbar, Uyma onun ətvarına, ey mərdi-nikukar! Biqiymət olub etmə özün zayevü biar, Bu bəzmdə mərdanə dolan, feli səzavar. Bu pəndim eşit, işləmə bəd, olma xətakar, Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar![2] [2]- Məhvəşinii bu şerləri türk şairlərindən Əbdülhəqq Hamidin "İbn Musa" nam əsərinə bənzəyir. Necə ki, İbn Musanın dilindən demişdir: Məhvəşinin mütəəddid əsərləri bir yerdə cəm olumsa, mötəbər bir divani-əşar hasilə gələr. Asari-nəfisələrindən bir çoxu alicənab müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur. Bəhs etmə mənə dəğdəğeyi-yəsü əməldən, Ol təcrübədən nəzdi-kəlamımda qina var, Azadəsərəm qaileyi-şövqü kəsəldən, Madam ki, əncami-həvadisdə fəna var. Hər verdiyi çıxmaqda ikən aqibət əldən, Dünya bu qədər rəğbətə olsunmu səzavar?! Musayə nə qəm zərbeyi-cəlladi-əcəldən, Өmründə fəna var isə namında bəqa var. Məqsud budur eylədiyim səyü əməldən, Musa denilir qübbədə bir xoşca səda var. * * * Nabi Əfəndi Şirvani Valiyül-əsl Nabi əfəndi Şirvaninin bir neçə qəzəlləri və müxəmməsləri səmahətli müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur. Onlardan atidə dərc olunmuş bir qəzələ iktifa etdik: Əsrari-xətinlə dili mədhuş edə bilsəm, Bir gəz qəmi-dünyanı fəramuş edə bilsəm. Eylərdim iki dəstimi bir qifli-mütəlsəm, Ol qaməti-mövzuni dərağuş edə bilsəm. Göstərməz idim kimsəyə heç ləzzəti-ləlin, Möhri-ləbim ol nemətə sərpuş edə bilsəm. Etmək nə olur əncüməni-dəhri pərişan, Bir gəz meyi-samanşikəni nuş edə bilsəm. Verməz süxənaralıq ilə kimsəyə növbət, Nabi, dəhəni-xaməni xamuş edə bilsəm * * * Nişat Şirvani Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şerlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düçar olubdur. Necə ki, bu xüsusda bir qəzəlində yazır: Qürbətdə rəhi-səbdə əsbabi-səfər tək Asudəliyim olmadı hər mənzilə düşdüm. Gər misli-hübab özgə həva başıma düşdü, Bir dəmdə evim tikdimü yıxdım, yola düşdüm. Üz görmədim əzbəs ki, Nişat, əhli-vətəndən, Bu vəch ilədir kim, baş alıb hər elə düşdüm. Aşağıda yazılan qəzəl Ağaməsihin diqqətini cəlb edib, ona cavab yazmağa şairi vadar etmişdir. Qəzəli-Nişat: Şuri-cünun aşiqin başına rifət verir, Hər kəsə dünyadə, həq əqlicə dövlət verir. Qanım içirkən bulur çeşminə eyni-səfa, Öylə ki, meyxarələr bəzminə zinət verir. Handa ki, görsən, könül, yarı, dolan başına, Sanma ki, dövran sənə bir dəxi fürsət verir. Surəti-halın demək aşiqə lazım deyil, Üz verə iqbal əgər, eşq özü surət verir. Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf, Bir belə bazardə kim ona qiymət verir? Bunun cavabında Ağaməsih yazmışdır: Aşiqə təlimi-yar feyzi-bəşarət verir, Necə ki, gül bülbülə dərsi-fəsahət verir. Ol səhiqəd, püstələb gülşənə olsa rəvan, Qönçəni dilgir edər, sərvə xəcalət verir. Əmməyə mümkün ola gər ləbi-dildardən, Çeşmeyi-heyvan kimi gör necə ləzzət verir. Vaiz özü hurilər vəsfi ilə zövq edər, Tərki-meyü eşq edin--xəlqə nəsihət verir. Duzəx özü söylənir şiddəti məşhurdur, Canda fəraq atəşi özgə hərarət verir. Çərxə vəfa bağlama, eyş edə gör vəqt ikən, Vədə irişsə, əcəl sanma ki, fürsət verir. Gövhəri-nəzmin, Nişat, düşsə Məsih əlinə, Rayici-bazar edər, aləmə şöhrət verir. Ağaməsihin axırkı beyti Nişatın xoştəb və şirinkəlam bir şair olduğunu göstərir. Nişatın öz əsərləri dəxi onun fünuni-şerdə mahir və qabil olduğunu bildirir. O əsərlərdən bir neçəsi burada yazılır. Qəzəli-Nişat: Sənin fərşin ki, zahid, buriyadır, Həqiqət mənzilində bu riyadır. Riyadır zahidin gərçi namazı-- Və lakin xəlq içində xoş ədadır. Nikahından ol ahuçeşmin, ey dil, Özün saxla kim, ol eyni-xətadır. Düşər güzgüyə daim əksi-canan, Könül saf olsa, hər mətləb rəvadır. Əcəb yox, türrəsindən olmuşam şad, Mənim bəxtim ki, var başdan qaradır. Nişatın könlünü incitmə, ey şux, Sənə nifrin edər, əhli-duadır. Yenə qəzəli-Nişat: Qönçə tək eldən kişi sirrin nihan etmək gərək, Aşiqi-yekrəng olan bağrını qan etmək gərək. Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək, Dərdi bir dərd əhlinə şərhü bəyan etmək gərək. Xəlqdən qəti-ədaqə eyləyib ənqa kimi, Bir qənaət guşəsində aşiyan etmək gərək. Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir, Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək. Ey Nişat, ox tək sözümdən hər kimə səhm eylənir, Böylədir, doğru sözü xatirnişan etmək gərək. Nişatın bu qəzəli hikmət və təcrübə üzü ilə deyilmiş şerlərdir. Şair hər nakəsə sirri-zəmiri açıb söyləməkdən insana ariz olan zərəri təcrübə ilə müşahidə edib nəsihət üzü ilə tövsiyə edir ki, kişi olan gərəkdir qönçə tək sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğəmbərimiz Məhəmməd əl-Mustafa dəxi buyurmuşdur ki, "hər kəsə sirri əyan etmək olmaz". Necə ki, Molla Rumi "Məsnəvi"sində bu babda yazmışdır: Ta təvani pişe-kəs məgşay raz, Bər kəsi in dər məkon zinhar baz. Çon ke əsrarət nəhan dər del şəvəd, An moradət zudtər hasel şəvəd. Qoft peyğəmbər ke, hər ke ser nəhoft, Zud gərdəd ba morade-xiş coft. Dane çon əndər zəmin penhan şəvəd, Səre-u sərsəbzeye-bustan şəvəd. Zərro noğre gər nəbudəndi nəhan, Pərvəreş key yaftəndi zire-kan. [1] [1] Tərcüməsi: Bacardığın qədər heç kəsin yanında sirr açma, Amandır, bu qapını heç kəsə açma! Əgər sirrlərin ürəyində gizlənərsə, O muradın tezliklə hasil olar. Peyğəmbər demişdir: hər kim ki, sirri gizlətsə, Tezliklə öz muradına çatar. Toxum torpaqda gizlənərsə, Bostan bitkilərinin başı olar. Qızıl və gümüş əgər üstüörtülü olmasaydılar, Onlar mədəndə nə vaxt pərvəriş tapardılar?! Və bu babda yenə əbəs deyilməyibdir ki: "Sər vermək olar, sirri əyan eləmək olmaz!" Doğrudan da insanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb keçən onda özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb aləmə faş qılsın. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur. Və illa yaxşı gündə, əldə var və dövlət olan zamanı hamı sənə dost və xeyirxah olacaqdır. Odur ki, şair deyir: Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir, Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək. Amma Nişatın bir arzu və xahişini haqq və savab görə bilmədik. O isə xalqdan qəti-əlaqə edib ənqa kimi qənaət kuşəsində aşiyan etməkdir. Nişatın bir tərəf-dən kuşənişin abidləri və riyakar zahidləri tən və məlamət edib, digər tərəfdən özü guşənişinlik arzu etməsi bir növ qəribə gəlir və bir də islamda röhba-niyyət olmadığı üçün müslüm gərəkdir xalq içində, həmçinsi arasında dolanıb, onlar ilə müaşirət eləsin, xalqa kömək və nəf yetirsin, xalqa, din və vətənə hüsni-xidmətlər göstərib hər ikisinin tərəqqi və təalisi yolunda sərfi-himmət etsin. Guşənişinlik böyük bir hünər deyil ki, onu arzu edib, əməli qeyrilərə dəxi töv-siyə olunsun. Nişat Şirvaninin yuxarıda zikr olunan qəzəllərindən başqa daha da bir çox gözəl müxəmməsləri və mürəbbeatları vardır ki, cümləsinə məcmuəmizdə yer yoxdur. * * * Nəsimi Şirvani Bu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik: Dünü gün müntəzir oldum ki, bu pərgar nədir, Gərdişi-çərxi-fələk, günbədi-dəvvar nədir? Fələkin əsli nədəndir, mələkin əsli nədən Adəmin surətinə bunca tələbkar nədir? Bisütun çərxi-müəlləq nədən oldu tərtib, Fələk altında qəmər, kövkəbi-səyyar nədir? Məkəsin təbinə bax, bal nədən, zəhr nədən, Yenə bu məsələdə nur nədir, nar nədir? Tərki-dünya qılasan böylə Nəsimi olasan, Ola bir gün deyəsən xirqəvü dəstar nədir? * * * Qövsi Azərbaycan şüərasından "Qövsi" təxəllüs zərif və xoştəb bir şairin yazma divani-əşar və qəzəliyyatı əlimizə düşmüşdü. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi-kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir, hiss olunur. Belə ki, əgər bəzi qəzəllərinin axırıncı fərdində Qövsi əvəzinə Qüdsi və ya Zakir və ya Seyid yazılsaydı, onlar Qüdsinin, ya Zakirin və ya Seyidin kəlamı olduğuna kimsə şübhə etməzdi. Bununla belə nə Şəki və Şirvanda və nə Bakı və Səlyanda və nə Gəncə və Qarabağda və nə Mavərayi-Qafqazın sair mütəməddin mərkəzlərində "Qövsi" təxəllüslü şairin ism və nişanəsi guşumuza erişməyibdir. Onun barəsində salxürdə ədiblərimizə rücu etdiksə də, heç kəsdən cəvabi-kafi almadıq. Şəmsəddin Sami bəyin "Qamusül-əlam"ına rücu etdik. Onda dəxi "Qövsi" təxəllüslü türk şairindən bir əsər bulmadıq. Onda iki nəfər "Qövsi" təxəllüsü ilə zikr olunmuş şəxsə rast gəldik: onlardan birisi məşahiri-xəttatindən bağdadlı Qövsidir ki, 999-cu tarixində vəfat etmişdir, digəri isə İran şüərasından olub, yazdıqları tamam farsi dilində olduğu göstərilmişdir: Cai ke toi nist kəsira anca, Əz mən ke təvanəd ke resanəd xəbər anca? [1] [1] Tərcüməsi: Sənin olduğun yerdə heç kəs yoxdur. Məndən ora kim xəbər apara bilər? Qövsinin üslubi-kəlamı Rum şairlərinin üslubi-kəlamına bir azacıq bənzəyir isə də, ona Rum şari dəxi demək olmaz. Yenə təxminən demək olur ki, Qövsi Azərbaycanın İran dövlətinə mütəəlliq məhəllərində, xüsusən, Təbrizdə və ya ona qərib şəhərlərin birisində vücuda gəlmişdir. Amma övqatını bizim vilayətdə keçirmişdir. Buna dəlil olaraq bir qəzəlinin axırıncı beytində Təbriz şəhərini Kəbəyə təşbih qılıb və ona iqtida etməsini özünə borc bilməsidir. Haman qəzəl bu sayaq başlanır: Səbr eylə, aqibət mey olur qan dedikləri, Sübhi-vüsal olur, şəbi-hicran dedikləri. Ərşi-bərin qubarın onun tutiya qılır, Hərçənd müşti-xakdır insan dedikləri. Ləlində cami-badə kimi cəmdir sənin Abi-həyatü atəşi-suzan dedikləri. Qövsi gərəkdi Kəbə deyib iqtida qıla-- Təbriz qülləsinə Sifahan dedikləri. Və yenə özgə bir qəzəlində şair Təbriz şəhərini həsrətlə yad edib deyir: Gər yandıra öz varını pərvanə, rəvadır, Kimdir ki, qaranlıq gecə cananə yetişməz?! Təbriz açar könlümü, Qövsi, gər açılsa, Hərçənd ki, firdovs Sifahanə yetişməz. Yəqin ki, Sifahan Təbrizdə məhəllə adıdır və şair haman məhəllədəndir. Çox ehtimal var ki, Qövsi bu şerləri qürbətdə olduğu əsnada yazmışdır. Divanında yazılmış bir tərcibənddən belə məlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun əsrində onun təhti-himayəsində mürəffəhhal güzəran edirmiş. Bununla belə vətəni-məlufunu unutmayıb, hər dəm onu yad edərmiş. Uğurlu xan isə Gəncə xanlarından Şahverdi xanın qardaşı və məşhur Cavad xanın əmisi olduğu rəvayət olunur ki, hicrətin 1180–1190-cı illərində xanlıq edərmiş. Belə olan surətdə Qövsi Molla Pənah Vaqifin müasiri olub onunla bir yerdə bizim türk--Azərbaycan şairlərinin babası mənzələsindədir. Məzkur tərcibənd ki, Qövsinin təbinin ziyadə səlis və mövzun olmağına şəhadət verir, burada dərc olunur. Kəlami-Qövsi: Gətir, saqi, qədəh kim, novbahari-eyşü işrətdir. Bu gündən böylə cuşi-eşqü tüğyani-məhəbbətdir. Bu gün kim, cami-güldən banki-nuşa-nuş urar bülbül, Meyi-gülrəngdən hər kim ki, qafil, məsti-qəflətdir. Verir badi-bahar əmvatə əhya sübhdəm, sən həm Oyaq ol, fürsəti fövt etmə kim, fürsət qənimətdir, Nola gər cami-minadən düşərsə aləmə qovğa Ki, bu xurşidi-məhşər ol qiyam etmiş qiyamətdir. Gətir səhba ki, baqidir səlahü tövbənin çağı, Bu beş gün kim, qələm yoxdur bizə, əyyami-möhlətdir. Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında-- Ki, xaki-rəhgüzarı sürmeyi-çeşmi-bəsirətdir. Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu, Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu. Gətir, saqi, şərabı ver mənə əmvatə əhya tək, Ləbi-canəxşini məndən diriğb etmə Məsiha tək. Nə xoş güllər düşübdür çeşmimə gülzardən sənsiz, Əcayib dağlar var lalədən sinəmdə səhra tək. Məni məzur tut, gər olmuşam məst, istərəm səndən Vəfa kim, adı var, yoxdur özü aləmdə ənqa tək. Nola gər rəşkdən bülbül töküb göz yaşı, qan ağlar-- Ki, məhv olmuş gülə şəbnəm, bieynih çeşmi-bina tər. Mənim tək nola gər məstanə söylər bülbülü qumri-- Ki, gül cami-meyi-gülgun kimidir sərvi-mina tək. Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında-- Ki, daniş gövhərilə var malamal dərya tək. Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu, Qaradan çıxdı dağ barü səhra, laləzar oldu. Gətir, saqi, qədəh kim, arizu bağrım kəbab etmiş, Meyi-gülrəng tək qeyri, məni həsrət xərab etmiş. Mənim göz yaşımı zinhar ğur et, sərgiran baxma-- Ki, suzi-dil onun hər qətrəsin bir ləli-nab etmiş. Mənim hər misrəi-ahım vurar divan ilə pəhlu-- Ki, divani-qiyamından məni eşq intixab etmiş. O günlər kim, keçibdir tövbəvü zöhdü vərə birlə, Fəğan ki, xameyi-təqdir ömrümdən hesab etmiş. Bahar əyyamı olma naleyi-məstanədən qafil-- Ki, rəhmət naləsin məstin duayi-müstəcab etmiş. Uğurlu xan Ziyad oğlu Musahib ruzigarında-- Ki, hər bir zərrəni şəfqət gözilə afitab etmiş. Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu, Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu. Qövsinin bu kəlamından belə anlaşılır ki, mərhum Uğurlu xan ürəfa və şüəra silkinə hörmət və riayət göstərməklə özü dəxi əhli-hal və sahibi-kəmal bir şəxs imiş. Necə ki, şair deyir: Uğurlu xan Ziyad oğlu Müsahib rüzigarında-- Ki, daniş gövhərilə var malamal dərya tək. Şairin dəxi zərif, əhli-hal və sahibi-məna bir vücud olduğu öz kəlamından anlaşılır. Necə ki, bir qəzəlində demişdir: Nüktə tutmaq bülbülə, Qövsi, nə lazımdır sənə, Hər kimin mənidə miqdarı sözündən bəllidir. Qövsinin sözündə olan lətafət və mühəssənatı hər bir ərbabi-zövq anlaya bilir. Şair bu babda demişdir: Gərçi Qövsi xuni-dildən öz sözün rəngin edər, Söz bilən aşiq bilir göftar onun göftarıdır. Qövsinin həqiqətdə şirin göftarı, zərif və dilpəsənd əşarı ilə oxucularımızı tanış etmək üçün bir neçə nümunələr göstərilir. Qəzəli-Qövsi: Hərçənd gül lətif olar, ruxsarın özgədir, Nərgis nə olsa, çeşmi-füsunkarın özgədir. Mən qönçəyə yaman demərəm, nüktə tutmaram, Söz bundadı kim, ləli-göhərbarın özgədir. Tubadə var rəunztü əndam sərvdə, Amma xürami-nəxli-bəlabarın özgədir. Yox vaizin sözünə sözüm kim kim, behişt var, Kuyin bir özgə cənnətü didarın özgədir. Qövsi, əgərçi var cəfapişə dustlar, Amma sənin hərifi-sitəmkarın özgədir. * * * Heç şəm ilə ram olmaz pərvanələriz bizlər, Zəncirə baş endirməz divanələriz bizlər. Dünya ilə surətdə var ülfətimiz, amma Mənidə bu aləmdən biganələriz bizlər. Seylabi-həvadisdən neylər biza gərdun kim, Tuyrani-keşakeşdən viranələriz bizlər. Hərgiz səsimiz çıxmaz, heç kəs dilimiz bilməz, Hərçənd ki, dillərdə əfsanaləriz bizlər, Yox taətimiz, amma fariq deyilik, Qövsi, Ol mah büti-Çindir, bütxanələriz bizlər, Qövsinin bu qəzəlindən onun movləvilər silkindən və həqiqət əhlindən olduğu zahir olur. Necə ki, şair deyir: Surətdə bu dünya ilə ülfətimiz var isə də, mənidə bu aləmdən biganələriz. Başqa bir mənəviyyat aləmlərinin məxluquyuz. Ona binaən seylabi-həvadisdən bizim bakımız yoxdur, zira birdəfəlik tufan keşakeşindən biz məxrub və viran olmuşuz. Bu aləmi-zahirdə bizim səs və sədamız dillərdə əfsanə olubsa da, özümüzdən bir səs çıxmaz və bir alamət və nişan görünməz. Zahirdə taat və ibadətimiz gözə gəlirsə də, batində cümləmiz taət əhliyiz və ol mahi-büti-Çin, yəni xudavəndi-aləmin bizim məbud bəhrəqqimizdir. Özgə bir qəzəlində Qövsi yenə bu mənadan danışıb, aləmi vəhdət meyini çeşid edənlər üçün bir meyxanaya təşbih qılıb deyir: Badeyi-vəhdət içən aləmi meyxanə bilir, Fələyin gərdişini gərdişi-peymanə bilir. Tifli-əşkim qərəzin aqil olan fəhm etməz, Bu uşaqlar dilini aşiqi-divanə bilir. Doludur bəs ki, nifaq ilə cahan, sahibi-dil, Aşina surətini məniyi-biganə bilir. Xəttü xal seyrinə, zinhar, könül bağlama kim. Damdır ol ki, onu əhli-həvəs danə bilir. Aşağıda yazılan qəzəl həmçinin Qövsinin əhli-həqq və sahibi-dil və mənipərəst olmağına şəhadət edir. Şair dünyanın malü mənalına və cahü calalına könül bağlamır. Zahiri hüsnü cəmal və xəttü xal ilə onun işi yoxdur. Aradığı sahibi-dil və hüsni-mənadır: Aşiqəm mən, dövlətü malü mənalı neylərəm, Bərkü bərdən yummuşam göz, şaxu balı neylərəm?! Yek gəlir bir qönçeyi-məstur yüz güldən mənə, Yar sahibdil gərək, sahibcəmalı neylərəm?! Handa olsam buyi-gül tək rövzeyi-kuyindəyəm, Naməvu peyğam üçün badi-şimalı neylərəm?! İstərəm vəslin ki, yarın, aşina olmaz mənə, Gər xəyalın ram ola, bəzmi-vüsalı neylərəm?! Sən nəfəs çağ eylə, ey ney, gər usandın nalədən, Mən həvayi-kuyi-eşqəm, etidalı neylərəm?! Gər verirsən, dövləti-didari-canan ver, fələk, Yoxsa mən mehmani-fəqrəm, mülkü malı neylərəm?! Tarü pudi aləmin əfsanəvü niyrəng imiş, Mən bu batil xabü bihasil xəyalı neylərəm?! Ləzzəti-didardən, Qövsi, mənə heyrət yetər, Əldə ta ayinə var, abi-zülalı neylərəm?! Necə ki, zikr olundu, Qövsi dünyanın malına və cah-cəlalına qədrü qiymət qoymayıb, əsl səadət və insaniyyəti istiqamət və sədaqətdə görür. Haqqı tanıyıb insaniyyət dərəcəsinə və mənəviyyat aləminə vasil olmaq üçün, Qövsinin əqidəsincə, başqa bir dəlil və rəhbər lazım deyil, beqeyrəz "sidqi-niyyət". Fəxr etmə malü cahə ki, iqlimi-fəqrdə Dövlət şikəstəbalü huma hiçkarədir. Ta Xızri-rahın olmaya öz sidqi-niyyətin, Qövsi, bu yolda rahnüma hiçkarədir…. Mərd ilə namərd və fürumayə ilə alitəb və dünyayi-dunun qəddar və gəcrəftarlığı babında demişdir: Nola gər fərq ola namərdlərdən mərd dünyadə, Əgərçi bəllidir hər mərdü hər namərd dünyadə. Edərdim nikü bəd fərqin, bilərdim yaxşılar qədrin, Fəğan kim, açmadım göz bir nəfəs namərd dünyadə. İçərlər xəlqi-aləm sağəri-zərrin ilə səhba, Mənə qalmışmı əşki-sürxü rəngi-zərd dünyadə?! Betərdir tiğdən biabrulər surətin görmək-- Ki, olsun tömeyi-şəmşir hər namərd dünyada. Cahanda buyi-dərdü dağ heç bir kimsədən gəlməz, Onunçün gün görərlər mərdümi-bidərd dünyadə. Olar kim, ol təbibin hikmətindən qafil olmuşlar, Nə bilsinlər ki, eyni-afiyətdir dərd dünyadə. Neçə mən bilməyim, Qövsi, bu viran olmuşun qədrin-- Ki, öz könlümdən ayrı bulmadım həmdərd dünyadə. Zəmanənin ədəmi-səbatından və daima təğyir və təbdil etməsindən və əhli-zəmanənin bir haldan qeyri bir hala dəyişirilməsindən, fəqirin qəni və qəninin fəqir və bəsirət əhlinin məyus və xunincigər olmasından bəhs edib deyir: Əsasi-tövbeyi-mey üstüvar böylə qalırmı? Bizə müdam südayi-xumar böylə qalırmı? Gəlir bir özgə zəmanə, dönər fələk, dolanar gün, Rəqibə bu şərəfi-etibar böylə qalırmı? Şərab nirxinə, ey bağban ki, sirkə satırsan, Çəmən həmişə baharü bahar böylə qalırmı? Dönə-dönə içirirsə bəsirət əhlinə qanlar, Sipəhrə həm bu qərarü mədar böylə qalırmı? Keçər təğafül edib yar naz ilə sənə, Qövsi, Keçər bu bir neçə gün, ruzigar böylə qalırmı? Həqiqətdə gözəl sözlər və həkimanə suallardır: Ey malü dövlətə faxir libas və hüsni-surətə fəxr edən qafillər, bu qədər məğrur olmayın. Bu dövlət və bu hüsni-cəmal əbədi və daimi deyil; beş günlükdür; gəlib keçəsidir və ey əhli-hal və bəsirət, sizə zəmanə dönə-dönə qan içirirsə, ondan siz məyus və pərişan olmayın. Sipəhrə həm bu qərarü mədar belə qalmaz və sizin də axırınız xeyrə mübəddəl olar. Və, ey Qövsi, əgər yari-cəfakar təğafül edib, sənin yanından keçib sənə iltifat və etina etməzsə, sən də ondan mükəddər olma. Bu bir neçə gün gəlib keçər, nə səndən bir əsər və nə sənə nazü işvə satan yardan bir əlamət qalar. Əşarın qəzəliyyat növündən maəda Qövsinin xeyli dilpəsənd və mövzun bahariyyatı, saqinaməsi, tərkibbənd və tərcibəndləri və qəsidələri vardır ki, cümləsinin buraya küncayişi yoxdur. Vəli onlardan nümunə üçün bir neçə bəndlər göstərilir. Tərkibbənddən bir bənd: Qurbanın olum, Qövsi, məhcur sənindir, Şirin söz ilə xalqa salan şur sənindir. Aşiq ki, zəif olsa, onu yazıya salma, Hərçənd Süleyman olasan, mur sənindir. Məst olsamü dursam, dolanıb başına ölsəm, Təqsirimə qalma, meyi-pürzur sənindir. Gər öldürər olsan, əgər əhya verər olsan, Öz istədiyin eylə ki, dəstur sönindir. Yandırsan əgər cismimi, yandır, nə sözüm var, Didar sənin, şölə sənin, Tür sənindir. Yadınla gözüm mərdümüdür qətreyi-əşkim, Gər var çırağımda mənim nur, sənindir. Ey gənci-rəvan, guşeyi-bituşədən ötmə, Gəl-gəl ki, bu gəncinəvü gəncur sənindir. Hərçənd ki, hər guşədə, hər bağdə, ey gül, Bülbül mənimü qençeyi-məstur sənindir. Mən eyləmənəm ərzi-təmənna, sözüm anla, Dindirmə məni, dilsizəm, amma sözüm anla! Qövsinin tərcibəndindən bir bənd: Üşşaqə vaizin nəfəsindən nə faidə?! Mənzildə karvan çərəsindən nə faidə?! İkki cahanda vaizə çün mey haram imiş, Cənnət həvasinin həvəsindən nə faidə?! Naseh müdam tövbəyə tərğib edər məni, Ya rəb, ona bu mültəməsindən nə faidə?! Bikardır bədən dili-pürşur olmasa, Çün əndəlib yox, qəfəsindən nə faidə?! Zülfün nə lazım eyləyə zəncir könlümü, Ol seyd bəsləmən mərəsindən nə faidə?! Ey həmsəfər, mənim kimi bir tifli-məşrəbə Bidərd təbli-köç səsindən nə faidə?! Aşağıda yazılan müsəddəs-tərcibənd--ki, Füzuliyi-Bağdadinin kəlamına nəzirə səbkində inşad olunubdur,--Qövsinin gözəl və mövzun kəlamlarından birisidir: Gəlin, ey əhli-vərə, aşiqü xummar olalım! Hamı bir müğbəçə yanında giriftar olalım! Ney kimi nalə çəkib, çəng kimi zar olalım! Necə bir böylə gözəl fəsldə huşyar olalım! İçəlim bir neçə gün badəvü sərşar oladım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Camlər zəhr ilə məmlüv şəbi-hicran içdik, Eylədik tövbə əgər göz görə, pünhan içdik. Hər nə kim verdi bizə saqiyi-dövran, içdik, Bu fəna dəhrdə bəsdir bu qədər qan içdik! İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Necə bir şamü səhər xabü xəyal ilən ötə, Necə bir əxtəri-məsud zəval ilən ötə, Yüz nişat ilə gəlib ömr, məlal ilən ötə, Heyfdir böylə bahar ayı bu hal ilən ötə, İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Xublar vardı çəmən seyrinə zinhar, gəlin! Cəm olun qönçə kimi, gül kimi bir dəm açılın! Eşidin bülbülün ahəngini, qədrini bilin, Dustlar, mövsümi-gül getmədən əldən yığılın-- İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Yarə can eylərik isar, budur niyyətimiz, Tutarıq damənini yar ola gər dövlətimiz. Biz onun bəndəsiyik, səcdəsidir taətimiz, Ömr əgər möhlətimiz versə, fələk fürsətimiz, İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Fariq olmun fələki-mübrimin ibramından, Hiç kim səy ilə qurtulmaz onun damından, Dustlar, dövri-zaman gərdişi-əyyamından Etməmişkən bizi bihuş əcəl camından, İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz onna yar olalım! Nola gər çərx ilə yekru qılıram mən, Qövsi! Dust gər yar ola, neylər mənə düşmən, Qövsi! Büt ilə xəlvət edən yerdə brəhman, Qövsi, Gəl ki, bir guşədə saqiyyü mənü sən, Qövsi, İçəlim bir neçə gün badəvü sərşar olalım! Bizə yar olmasa saqi, biz ona yar olalım! Atidə dərc olunan münacat ilə--ki, Qövsinin ən xoşməzmun və səfabəxş kəlamlarından birisidir və mənən Füzulinin kəlamına bənzəyir,--xətmi-kəlam edəlim. Onun əşari-lətifələrindən ittixaz olunan nümunələrə iktifa olunur. Münacati-Qövsi: İlahi, könlümü qurtar bu aləm macərasından, Məni döndər onun biganəsindən, aşinasından! İlahi, könlüm et rövşən, məni göstər mənə , ya rəb, Onun ayineyi-dəryadili-aləmnümasından! İlahi, könlümü öz eşqin ilə et ləbaləb kim, Usandım qədrbilməzlər qəmü dərdü bəlasından! İlahi, rövşən eylə çeşmimi öz xaki-rahından-- Ki, yekdir zülfü xəttin sürməsindən, tutiyasından! Havalandır məni ərbabi-dil övci-məqamında, Bu duni-fitrətin qurtar səri-kuyi-həvasından! Mükəddər eylədi ayinəmi qəflət tozu, ya rəb, Xəbərdar et məni öz Kəbeyi-kuyin səfasından! İlahi, bir məqam et Qövsiyi-biçarəyə rüzi-- Ki, yek gəlsin ona dərdin sənin qeyrin dəvasından. * * * Quba Mərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük. Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur. Buranın abü havası şaha xoş gəldiyindən Mirzə Mehdi xan münşi təvəssütü ilə əmr etmişdir ki, burada şəhər binası qoyulsun. Bu əmri icra etmək üçün neçə nəfər öz qoşunundan--ki, Ərdəbil şəhərindən var imişlər,--o məkanda qoyur. O cəhətə şəhərin əvvəlinci məhəlləsi indilikdə də "Ərdəbil məhəlləsi" adı ilə məşhurdur. Rəvayət olunur ki, şəhərin adını Nadir şah öz çadırının başındakı qübbəsinin nişanəsinə yad olaraq əmr edir "Qübbə" qoyulsun. Bir rəvayət də budur ki, Qubanın binasını Qudyal çayının sağ tərəfində ibtida qoyan Fətəli xan Müştərinin atası mərhum Hüseynəli xan olubdur. Belə ki, şəhər bu axır vaxtlara kimi o yerin əhalisi arasında "Qudyal qala" adı ilə məruf idi. Mərhum Müştərinin əyyami-hökumətindən Abbasqulu ağa Qüdsinin zamanına kimi bu aralıqda nə növ üləma və ürəfa vücuda gəldiyi və onlar kimlər olduğu məlum deyildir. Hər halda Qubada bir çox əhli-hal və ürəfavü üləma olublar və onun üçün mərhum Kazım ağa Salik Qubanı (Qübbəni) yad etdikdə demişdir: Kəmali-rifəti-Şirvan məlum, Maarif mədəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda, Biri Ağabəyü Mirzəbabadır. Biri "Qüdsi" ləqəb Abbasqulu bəy, Diyari-nəzmü şerə padşadır. * * * Qasım bəy "Zakir" təxəllüs Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur. Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir. Məhəlli-süknası yay fəslində Tanyaq və ya Şuşa qalası olarmış. İlin sair fəsillərini özünə mütəəlliq Xızırıstan qəryəsində keçirərmiş. Qasım bəyi görənlərin, o cümlədən mən fəqirin atası mərhum Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngə mail gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxları özünə mail edərmiş və o danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməzac olduğu üçün tərpənişində dəxi çapüklük görünərmiş. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə xoşxülq, həlim, rəhimli və mürüvvətli bir adam imiş, sahibi-əqlü tədbir. Buna şahid şairin öz kəlamı da ola bilər: Tanır məni məcmuyi-otuz iki Cavanşir, Bir mərdi-xoşəxlaqəmü həm sahibi-tədbir. Rövşəndi qamu aləmə zatımda xudavənd Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir. Eyməndilər əzbəs ki, olub ram, rəm etməz Gördükdə məni badiyədə ahuyü nəxcir Əl vurmazam əsla sipəri-dəfn-bəlayə, Yağdırsa kamandar fələk qəsdimə səd tir, Və lakin şairin belə gözəl xülqü və xoş rəftarı və təbiətində olan mülayimət və təvazö və həmçinin onun əqli-səlimi və hüsni-tədbiri onu xətavü bəladan eymən saxlaya bilmədi. Şair bir işdə müttəhəm olub -- ki, təfsili aşağıda zikr olunacaqdır,--çox böyük bəlalara və cəfalara giriftar oldu və əgər bəzi alinəsəb və alihimmət və qədirşünas möhtərəm şəxslər Zakirə lazımi kömək göstərməsə idilər, yəqin ki, şair dəxi də ziyadə fəna hala düçar olub, Qazax şairi Mustafa ağa Arif kimi cani-əzizini Rusiyanın soyuq və qarlı çöllərində puç və zay edəcək idi. Əhvalat bu üzrədir ki, Qasım bəyin qardaşı oğlanlarından bir nəfəri -- Behbud bəy ismində qaçaqlığa və quldurluğa qurşanıb, Qarabağ vilayətində bir çox şuluqluq və binizamlıq və fəsad törədir. Bir neçə həsud və bədxahların təhrik və iğvası ilə ol vaxtın divanbəyisi Qasım bəydən müştəbeh olub, ondan şaki və mütalibəçi olur və Behbud bəyin qətlü qarətində Zakirin uşaqları da müttəhəm olunur. Ol vaxtın divanbəyisi knyaz Tərxanov xeyli kuşiş və tədbirdən sonra Behbudu həlak etdirir; evini və malını dağıdıb tar-mar elədir və Mustafa bəyi --ki, Behbud bəyin qardaşı idi, -- bir neçə adamlar ilə əsir edib Şuşa qalasına göndərir (sonradan haman Mustafa bəyi Tərxanov işqola qoyub, ona təlim və tərbiyə verdiribdir). O neçə adamlar ki, müttəhəm olunmuşdular, onların içində mərhum Qasım bəy dəxi var imiş. O pişnəhad etdiyi sübut və dəlayilə ümənayi-dövlət mültəfit olmayıb və onun haqqında bədgüman olub, özünü və oğlu Nəcəfqulu bəyi və qardaşı oğlu İskəndər bəyi Sibiryaya göndərməyə qəti surətdə hökm verir, əyalü ətfalını Şuşa məhbəsxanasında dustaq, malü əmvalını tarac etdirir, Xızırıstan kəndini dağıdıb zir-zəbər qılırlar. Bu zülmü şərarət və xilafi-qanun işlər Zakirə həddən ziyadə təsir edib, onu pərişan və digərgun eləyir. Bir tərəfdən illər ilə cəm qıldığı malü dövlətinin tarümar olmağı, digər tərəfdən əbəs yerə hörmət və abrunun getməsi, düşmənin tənü şəmatəti yazıq kişinin yüz illiyini geri salır. Bu böyük müsibət Zakirə üz veribdir məhərrəm ayında hicrətin 1272-ci tarixində. Ol vaxt şair müsinn halında imiş, ömründən altmış yeddi il keçir imiş. Cənab Nəvvab öz «Təzkirə»sində və cənab Məhəmməd ağa Müctəhidzadə «Riyazül-aşiqin»də sinnü salı təyinində bir növ səhv etmişlər. Hər halda Zakir altmış beş sinnində vəfat etməyibdir və tarixi-vəfatı 1271-ci sənədə olmayıbdır, ondan çox sonra vaqe olubdur. Buna şahid Zakirin öz kəlamıdır. Başına gələn müsibəti gözəl bir tərkibbənddə bu minval nəzmə çəkib zalimlərdən şikayət eləyir: Bu mahi-məhərrəmdə dü si həft mana sal, Müddətdi ki, pərqu kimi əbyəzdi pəru bal. Şahiddi xudavəndi-təalavü təbarək, Tərpətməmişəm mən süxəni-nahəqə saqqal. Haşa yetirəm bir kəsə asibü məzərrət, Gər eyləmzsən bu sözümə bavər, o jurnal! Ta gördüm o bədbəxt[1] olub həmrəhi-gümrah, Halatı müfəssəl yazıban eylədim irsal. [1] Bədbəxt -- Behbud bəyə işarədir. Labüd qalıb oidan sora dönə-dönə etdim Tərğib onun dəfinə bu zalımı filhal. Guş eyləməyib pəndi-xirədməndi o nakəs, Axır qoşulub bir-birinə bir neçə cühhal. Hər kimə düçar oldu, tutub basdıvü kəsdi, Verdi özünü küncə tamam murovi-mahal. Beş-altı kəm-alat cavan ilə olurmu Hifz edə vilayatı məni- piri-bədiqbal?! Düşmən sipəhi tək bir obanın yoxü varın, Bir həftə qalıb eylədi məcmuunu pamal. Ərradəyə yığdırdı qamu əhlü əyalı, Səqfi-fələyə çıxdı o gün naleyi-ətfal. Həccacü Өmәr-Səd deyildi belə birəhm, Ol .... bicliyinə hiç yox işkal. Bəd kar həramtuşədən əsla iraq olmaz, Bic olmayanın zülmü olur, bu sayaq olmaz! Şairin sözlərindən belə anlaşılır ki, biçarə öz bədbəxt bəradərzadəsini -- yəni Behbud bəyi düzlüyə irşad edib, nə qədər ona öyüd və nəsihət veribsə də ki, pis yoldan daşınsın, mərdümazarlıq etməsin və xalqa zülmü və sitəmi rəva görməsin, amma mərhumun nəsihəti xudsər və bişərm Behbuda əsər etməyibdir və axırda Zakir naəlac qalıb, əhvalatı müfəssələn yazıb lazım olan yerə göndəribdir. Və lakin divan əmələsi Behbudun qorxusundan murovi-mahal ilə qaçıb özlərini küncə verirlərmiş. Bu tamahı çox, hünər və cürəti yox olan divan qulluqçularının barəsində haman tərkibbəndində belə yazıbdır: Gün kimi tutub aləmi bu şöhrəti-bica, Divan əmələcatına yox ədldə həmta. Vallah, yalandır, dəxi billah, yalandır, Şol söylənən əhval quru ismdir əmma. Keyfiyyəti-məlumdən ötrü mən özüm də Bir neçə biladi elədim seyrü təmaşa. Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət Verməz bir içim su sənə ta almaya dərya. Simü zər ilə doldurasan ta gərək ovcun, Ondan sora zahir qıla şayəd yədi-beyza. Suzü təbişi-nari-səqər gərçi yamandır, Əhli-qələmin gəl-gedinə bənzəyə haşa! Yeksər həmə təmmavü bədətvarü dilazar, Bunlar kimi məxluq cahan içrə yox əsla, Hər kimsə ki, düşdü tora, müşküldü xilası, Çəkməzlər əl ondan, şirəsin sormayalar ta. Hər nəfsə nüzuli-mələkül-mövt nə hacət, Bəs ariz üçün vədeyi-fərda, pəsi-fərda. Düşməz buların səmtinə ta ruzi-qiyamət Təklə Hacı Qurbani görən kəs dəxi qəta. Tutmuşdu Qarabağı zərü simü dəvabı, Tapmaz minə bir yabı gedə qonşuya hala. Divan demə, hərgiz buna kim, afəti-candır, Mən söyləmədim, nola ki, məşhuri-cahandır. Tərkibbəndin bu bəndində Zakir divan əmələcatının qüsurunu şairanə zikr edib, onların əvamün-nasə etdiyi zülmü sitəmi göstərir. Burada cayi-təəssüf və heyrət budur ki, altmış-yetmiş sənə bundan irəli divan xidmətçiləri xəlayiq ilə nə növ rəftar edirmişlərsə, indi də o gunə rəftar etməkdədirlər. Bu müddəti-mütəmadiyədə -- ki, az qalıbdır tamam bir əsr etsin, -- onların əxlaqü adabında bir təbəddülat, bir tərəqqi əsəri müayinə olunmur. Zahirdə ədalət və sədaqət məmurları və zakon tərəfdarları adlanırlarsa da, əsl həqiqətdə əhli-zələmədirlər. Şüğlü sənətləri şərarət və fəsad törətməkdir, xilafi-qanun və ədalət işlər etməkdir. Hər qism fənnü fürcələri xalqın malını yemək və özünü avamlıqda saxlamaq dairəsində işlənir. Dəryalarca verməsən, bir içim su almaq sənə müyəssər olmaz; qızıl və gümüş ilə ciblərini doldurmasan, işin yeriməz və muradına çatmazsan. Onların tamahı həzrət Əli Zülfüqarından kəskinraqdır. Bədbəxt o kimsənədir ki, onların toruna düşə. Onun tamam şirəsini çəkməmiş, onu xilas etməzlər. Təkləli Hacı Qurbanın gününə salmayınca yaxasından əl çəkməzlər. Necə ki, bir vaxt onun malü dövləti bütün Qarabağı tutmuşdu, amma indi divan toruna düşəndən bəri bir yabı da tapmır ki, minib qonşuya getsin. Hər şeydən bədtəri və ürək sıxıntısı verəni əhli-qələmin get-gəli, fərda-pəsfərdasıdır. Ərizəçi üçün bu get-gəl nüzuli-mələkül-mövtdən bədtərdir. Odur ki, şair dəruni-qəlbdən onların haqqında deyibdir: Divan demə hərgiz buna kim, afəti-candır, Mən söyləmədim nola ki, məşhuri-cahandır. Divan əmələcatının hücumundan sonra Zakir keçir o şəxslərin zəmminə ki, onun bu bəlalara düçar olmasına öz səltənətləri ilə filcümlə bais olublar və onlardan, xüsusən, birisinin ki, fəsadçılar babasıdır və şair ilə onun şəxsi ədavəti var imiş, belə nəzmə çəkir: Bir kəs yüz ola arifü danavü xirədmənd, Hər ləhzədə təsnif qıla qafiyeyi-çənd. Çün dövr qarışdırdı, dəxi yadına düşməz Ətfalü əyalinin adı, fikr edə hərçənd. Bir neçə zamandır ki, məni dami-bəlası Ol zalimi-birəhmin edib Bakidə pabənd. Seyr eylədim əlminnətü-lillah neçə şəhri, Qalıbdı həmin Tabasaran, Ağqoşa[2], Dərbənd. [2]-Tabasaran və Ağqoşa -- Şimali Qafqazda yer adlarıdır. Heyhat, ədavətlə deyəm bir kəsə böhtan, Yox məndə kəlambaz süxən, tariyə sövgənd. Bu .... xəlqi-cahan içrə tapılmaz, Cəhlü həsədü büxldə nə mislü nə manənd. Bişübhəvü şək töxmi-dədü divdürür bu, Haşa ki, doğa növi-bəşərdən belə fərzənd. Göndərmək ilə iki uşağı, səni tarı, Qüttai-təriqə bu nə ibrətdi, bu nə pənd?! Xətm oldu bizə, düzdi-vilayət kefə baxsın, İymirli, Dirağırdə, Səfikürdi, Şıxavənd. Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar, Doyranbasanın[3] yerinə dağıldı bizim kənd. [3]-İymirli, Dirağırdı (Diylağırd), Səfikürd, Şıxavənd və Doyranbasan Qarabağda Şuşa uyezdində kənd adlarıdır. Bunların əhalisi sabiqdə oğurluqla iştihar bulmuş nadinc bir məxluq imişlər. İndi bir növ halal kəsbə məşğul olmaqla güzəran edirlər. Amma yenə də içlərinin oğrusu və əyrisi tükənməyibdir. Məşhur məsəldir ki, düşər qarə gəzən kəs, Ev yıxanın evin yıxar, əlbəttə, xudavənd. Çox zarü təzərrö eləmə, eybdi, Zakir, Təqdiri-qəzayə gərək adəm ola şakir! Hər şeydən artıq şairin halını mütəğəyyir edən, onu qeyzü cuşa gətirən, onun nazik təbinə təhrik verən düşmənlərin bəşaşəti və əğniyanın şəmatəti olur. Cümlənin günahı, qüttai-təriqin törətdiyi fəsad və şərarət şairin övladına isnad, əqrəbasına xətm olunur. Bundan sonra daha əhli-zələmə keyfə baxsın, yolkəsənlər şad olsunlar: Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar, Doyranbasanın yerinə dağıldı bizim kənd. Oğrular safa çıxdı, doğrular fəlakətə düçar oldu. Atalar sözünün misdaqınca: «Oğru elə bağırdı, doğru bucağa girdi». Bu hüzngətirici hal və keyfiyyət indi də bizim bu nizamsız və əsassız zəmanəmizdə kəsrət ilə ittifaq düşməkdədir. Zakir müttəqi və mütədəyyin bir şəxs olduğu üçün özünə xitabən deyir: Çox zarü təzərrö eləmə, eybdi, Zakir, Təqdiri-qəzayə gərək adəm ola şakir. Ol vaxtın hakimi Tarxan-Mouravov haqqında -- ki, onun hökmü binagüzarlığı ilə şairin kənd-kəsəyi və mal-dövləti tarac və özü və əhlü əyalı ilə əsirü məhbus olunmuşdu, -- Zakir fars dilində suzişli və xeyli mövzun bir tərkibbənd inşad qılmışdı. Bu tərkibbəndin bir yerində şair Qarabağ əhlinə dəxi filcümlə bir niş vurubdur və əhli-vətənin bivəfa və bietibar olmaqlarını göstəribdir. Өz əhli-vilayətindən şair həmişə şaki olub, dostu Mirzə Mehdiyə göndərdiyi bir namədə bu sayaq yazır: Bizim kimi bir-birinin bədxahi Tapılmaz, gəzəsən aləmi dahi. Onun üçün qəzəb edib ilahi, Xainik aşnaya, yada, əzizim! Tarxanovun şənində yazdığı kəlamın bir bəndində Zakir əvvəlcə ona və zatına lən oxuyub, sonra qarabağlılara keçir: Bedin zeşt əxlaqo ətvar tof! Bedin rəsme-aino rəftar tof! Bozorgi ke, başəd setəmpişe lən, Əmiri ke, başəd cəfagər tof! Əgər həmçenanəst Tərxaniyan, Bər an qoume-nacenso mordar tof! Zəhi pure-ərşəd ke, bər valideyn Konəd kəsb xərvar-xərvar tof. Bezat, beoulade-an naxələf Konənd aqelan ləno hoşyar tof. Əgər rast quyəm, bər u eyb nist, Beəhle-Qərabağe-biar tof! Bezaher əniso bebaten xəbis, Həme bəd del aşena yar, tof! Ze ğəmmaz in raz bayəd nəhoft, Betərsəm resanənd əxbar, tof! Kəsi ke, nəhəd dəste-xod bər zəmin Ze vey sər zənəd fetnehaye-çenin. Əgərçi Mouravov-Tarxanovun hökmü və qətnaməsi mucibincə Qasım bəy Zakir və onun oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy gərək Sibiryaya gedə idilər, vəli bəzi sahibmənsəblərin və Gürcüstan nücəbalarının vasitəsi ilə, xüsusən sərdarın mütərcimi mərhum Mirzə Fətəli Axundovun köməkliyi ilə Zakir Sibiryaya göndərilmədi. Ancaq o, Bakıda üç-dörd ay gözdustağı halında qalıb sonradan vətəninə müraciət elədi. Nəcəfqulu bəy və İskəndər bəy dəxi Sibiryada çox müddət qalmadılar. Onlar da bir az vaxtdan sonra vətənlərinə qayıtdılar. Əxşasi ki, Qasım bəyin vətəndən sürgün olunmağına səbəb olmuşdular, onun həcvinə layiq olub, qiyamətə kimi töhmət altında qaldılar: Ço şaer berəncəd bequyəd heca, Bemanəd heca ta qiyamət beca. O həcvlərin bəziləri haqq isə də, burada zikr oluna bilməz, əzbəs ki, onlarda namərğub sözlər dəxi istemal olunubdur. Amma bir neçəsi keyfiyyəti-halı bəyan etmək üçün öz məqamında zikr olunacaqdır. Zakirin hər qisim əşarü kəlamı mövcuddur -- qəzəliyyat, mürəbbeat, müxəmməsat, şeri-müstəzad, tərkibbənd, tərcibənd və sairə. Fars dilini dəxi mükəmməl surətdə bilirmiş və bu dildə bir çox abdar şer və qəzəlləri vardır. Türk qəzəlləri var ki, Füzulinin qəzəllərinə bərabərdir. Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil. Amma asarü əşarının cümləsindən artıq əhəmiyyətlisi və məişətimizə münasibətlisi Mirzə Fətəli Axundova, Qutqaşınlı general İsmayıl bəyə, qubernator Mixail Petroviç Kolyubakina, Rəhim bəy Uğurlubəyova, Cəfərqulu xana, Baharlı Mirzə İsmayıla, Zəngilanlı Məhəmməd bəy Aşiqə, Mirzə Mehdiyə və qeyri müasiri olan dost-aşnalarına yazdığı məktublardır ki, cümləsi nəzm ilə açıq və sadə dildə yazılmışdır. Bu məktubatda dürlü məsəllər, zərif kinəyələr və müəmmalı kəlmələr vardır ki, azdan çox və nazikdən yoğun mənalar anlamaq gərəkdir. Şair Bakıda əsirvar zindəganlıq edən vaxtı öz hali-dilini və başına gələn qəzavü qədəri Kolyubakinə yazıb, bicürmü günah iki nəfər zalım, bimürüvvətin hiylə və şərarəti ilə vətəndən dərbədər düşməsini bəyan edir. Bilmək gərəkdir ki, ol vaxtları Kolyubakinin Bakıya qubernator olmaq sədası dəxi söylənirdi. Və bu xəbər şairi bir növ xatircəm və təskinül-qəlb etmişdi. Budur Kolyubakina yazdığı namə: Səndən sora, ey taci-sər, başıma Gərdişi-zəmanə nələr gətirdi! İki bimürüvvət ittifaq edib, Vilayətə yüz şurü şər gətirdi. Qaçaqlıq binası edən tək Behbud, Pişnəhad eylədim öz ərzəmi zud, Tərəfgirlik oldu axırda, nə sud, Mənim doğruluğum zərər gətirdi. Yüz ilin ocağın bicürmü günah Eylədilər viran, vallahü billah! Bu taleyi-zəbun, bu bəxti-siyah Daim mənə xövfü xətər gətirdi. Həştadə yetişdi sinnü salımız, Bu dövlətdə ağarmışdı yalımız; Getdi dövlətimiz, mülkü malımız, Nəxli-təmənnamız kədər gətirdi. Nücəba hörmətin gözlər nücəba, Nasəza yaraşmaz böyüyə əsla; Pədərindən deyil yəqin bil, amma Hər kimsə ki, nami-pədər gətirdi. Ədalət var idi bundan əzələ, Yaman yerə yetib iş gələ-gələ; Dirəxti-bəxtimiz, əfsus ki, belə Varə-varə acı səmər gətirdi. O kəslər ki, eyləmişdi xəyanət, Əyləşib evində rahət, fəraqət; Mənim uşaqlarım bivəchü cəhət Gözlərindən xuni-cigər gətirdi. Bundan əqdəm kimin olsa üsyanı, Derlərdi vayenni sud kəssin anı; Bilmirəm necoldu, o zakon hanı? Naçalnik zakuni-digər gətirdi. Məzərrəti əfzun ədaləti yox, Görünməyib əsla belə.... Өz gəlməyinə məmnun idik çox, Dalısınca keçəl Nəzər gətirdi. Tutubdu aləmi zülmi-bihesab, Müşküldür gətirmək bu möhnətə tab; Köynük, Biləcəyi[4] etmişdi xərab, Bizim kəndə ondan betər gətirdi. [4]- Köynük, Biləcək -- yer adıdır. Aşura günü tək bir səhər çağı, Yığdı ərabəyə övrət-uşağı, Şamə rəvan etdi bimürvət yağı, Görən yaxa yırtıb, həzər gətirdi. Əcəb əyyam imiş əyyami-sələf, Gərək o günlərdə olaydıq tələf; Çəyirtkə bir tərəf, dolu bir tərəf, Şum qədəmi gəldi, şərər gətirdi. İki namərd uyub biri-birinə, Yetmək olmaz heç birinin sirrinə; Lənət gəlsin .... pirinə, Bəd binanı .... gətirdi Adamda insafü mürüvvət gərək, Quyruğun kəsməklə tula olmaz köpək; İlan əti yeyib yerikdə bişək, O madər ki, belə pəsər gətirdi. Neçə gün söyləndi bu yerdə əhval, Qubernator olur ol nikuxisal; Malımız, mülkümüz mücdədir əlhal, Hər kim gəlib doğru xəbər gətirdi. Ey sahibi-şövkət, ey mədəni-şan, Dadxahəm sizə, aman, əlaman! Bu zülmü insana eyləməz insan, Məgər ki, qəzavü qədər gətirdi. Həmin bu məzmunda mərhum Zakir çərxi-kəcrəftardan şikvə və nalə qılıb, piranəsərlikdə vətəndən dərbədər düşməsini, şan və rütbəsinin puç olmasını, mal və dövlətinin badi-fənaya getməsini, oğrulara və quldurlara tay-tuş olmasını ürəkyandırıcı dil ilə dostu Mirzə Fətəli Axundova yazır. Bu məktub qarelərə dəxi də ziyadə təsir edir: Piranəsərlikdə çərxi-kəcrəftar Eylədi vətəndən dərbədər məni; Neyləmişəm, bilməm, dövri-zalimə, İncidir düşəndə[5] bu qədər məni. [5]-Bu sözü iki cürə oxumaq olur; bir «düşəndə»--yəni gahda bir, gah-gah və bir də «döşündə» -- yəni sinəsində məni bu qədər incidir. Qarabağ mülkündə mən bəxtisiyah Bir ağ gün görmədim, allaha pənah; Saldı bəlalərə bicürmü günah Bir neçə müfsidü töxmixər məni. Mən bir piri-tənha, zülm bihesab, Müşküldür gətirmək bu möhnətə tab Yaman deyə-deyə eylədi xərab Hamıdan ziyadə üç nəfər məni[6]. [6]- Bu üç nəfərin biri Mirzə Adıgözəl oğlu Hüseyn bəydən və digəri Nəmirli Əmiraslan bəydən ibarətdir. Üçüncüsü, çox ehtimal var ki, Cəfərqulu xana işarə olsun. Şair xanın adını açıq yazmayıb «Yekəpər» ismi ilə bir neçə məqamlarda onu müttəsəf qılmışdır. Əzbəs ki, Cəfərqulu xan böyük cüssəli və qəviheykəl bir vücud imiş. Biri fasiq, facir, hədsiz zinakar, Biri əyri-üyrü, xeyli nahəmvar, Biri danışanda baş-ayaq atar, Bir neçə it tutdu bixəbər məni, Adəm idim, əbəs yerə zay oldum, Vilayət içində mən rüsvay oldum, Oğrulara, quldurlara tay oldum, Sanırdı xəlayiq peyğəmbər məni. Dövlətlidən dövlət, kordan məzərrət, Harda bihəya var, zatına lənət! Süxənçin sözilə etdi aqibət Pəsərimdən cüda bipədər məni. Dövləti-alidə ağarıb saqqal, Bir xilafım yoxdu, bu mən, o jurnal; Bir zaman gördüm ki, yazıbdı filhal Qüttaüttəriqə bərabər məni. Yetmişində zurna çalmaq öyrənən Gərək axirətdə çala....; Az qalıb həştadı tamam edim mən, Sən indi yazırsan əhli-şər məni. Yetmək olmaz hərcayinin sirrinə, Yalanı yeridir doğru yerinə; Lənət oxur şərirlərin pirinə Diyari-qürbətdə kim görər məni. Hər kimin vilayətdə simü zəri var, Yüz adam öldürə, həbsdən çıxar; Yegənsiz[7] danışmaq nə yanə çatar, Bihörmət eylədi simü zər məni. [7]- Yegən -- pul mənasındadır. Dərdbilməzə dərdi-dili açınca, Ruzigarın cəfasından qaçınca, Namərd körpüsündən rahət keçincə -- Razıyam apara o sellər məni, Kişi yoxdu, baxma çula-çuxaya, Adam gərək dağa-daşa toxuya; Getmə-getmə -- deyib qoydu yuxuya Axırda itirdi Yekəpər məni. Dalınca deyiləm bir şüğlü karın, Bilmənəm dövrünü leylü nəharın; Həvəsi-vüsalın, zövqi-didarın Qoymaz yuxu yatam ta səhər məni. Rəhi-müsibətdə keçmişəm candan, Müxənnəsdir qorxan bir qaşıq qandan; Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni! Olmuşam Bakıda sakin, fərağət, Zövqi-təmaşası misali-cənnət; Ziyadə dərdisər, dəxi nə hacət, Fəramuş eyləmə, müxtəsər, məni. Bu məktubda şair öz təbii istiqamət və dəyanətindən söz açıb, hər qisim dərdü bəlalara tab gətirməyini bəyan edir. Əgərçi şairin simü zəri yoxdur ki, onların köməyi ilə özünü safa çıxartsın, vəli o, təbən ğənidir və heç bir vəch ilə özünə qəbul etməz ki, əksilib, dərdbilməzlərə dərdi-dilini söyləsin. Şair sinəsini ruzigari-cəfakarın oxlarına sipər edib, namərdlərdən yetən köməyə əsla etina etməz: Namərd körpüsündən rahət keçincə -Razıyam apara o sellər məni. Çul və çuxaya bəzənib zahirlərinə zinət və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin. Şairə ariz olan bəla onu məqmum və pərişan etmir. Şair rahi-müsibətdə candan və başdan keçibdir. Bir qaşıq qandan qorxan, şairin əqidəsincə, adam deyil və paşadan, xandan dəxi onun bakı və ehtiyatı yoxdur. O adamlar ki, düşmənçilik üzündən onu bəlalara və əziyyətlərə giriftar ediblər, belə güman etməsinlər ki, onu məğlub qılıblar. Xeyr! Bu, böyük səhvdir! Şair necə ki, ölməyibdir öz ali məqamında durub büxlü həsədlə iştihar bulan dənitəblərə -- ki, əqrəb misal yer üzündə qeyrilərə niş vurmaq üçün sürünürlər, -- yuxarıdan aşağa həqarət nəzərilə baxır. O dənitəblər şairin müqabilində qorxaq tülkü və çaqqal misalında bir məxluqdurlar, şair isə xövfü hərasdan uzaq və kənar «şiri-nər» kimi bir vücuddur: Ehtiyacım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni! Ancaq şairi məhzunü məlul edən dusti-həqiqisinin, yəni mərhum Mirzə Fətəlinin fəraqıdır ki, ona dair yazmışdır: Həvəsi-vüsalın, zövqi-didarın Qoymaz yuxu yatam ta səhər məni. Dusti-cani və rəfiqi-mehribanı olan Mirzəyə göndərdiyi namələrə bir müddət cavab almayıb və uşaqlarının Sibiryaya getməyindən dilgir və məyus olub, atidə zikr olunan naməni ona göndərir: Gözüm yolda qaldı, könül intizar, Gəlmədi cavabi-namələr səndən. Bir aydan artıqdır gedib uşaqlar, Yetişmədi bizə bir xəbər səndən. Aşina, müsahib, yarü həmsayə Lazımdır yetişə qövrə, hərayə; Kitabətin dəyər mali-dünyayə, Nə hacət istəmək simü zər səndən? Tək yaradıb səni vahidü yekta, Əxlaqına, ətvarına mərhəba! Neyləmisən Molla Səfi, Bəybaba --Məmnundu, əzizim, bu qədər səndən? O vilanın yoxdu bu yer tək pisi, Təqəllübü, hərzəkarı, xəbisi; Yaxşı gördüm tamam əhli-Tiflisi, Razıyam nəhayət biştər səndən. Olan dəmdə mənə mənzil Şadno, Hər tərəfə eylər idim təküdo; İvana bəy, Kolyubakin, İliko[8] Çalışırdı, əlhəq, bərabər səndən. [8]-İvana bəy, Kolyubakin, İliko -- Qasım bəyin tanışlarıgürcü nücəbası imiş ki, onun özünün və övladının təmizə çıxması və xilası yolunda səyü təlaş edirlərmiş. Həsən bəyə[9] söylə əmri-məlumi, Qəziyyə məlumdur deyəndə Rumi, Sərəfraz eylərsən yüz bəxtişumi, Zahir olsa əgər bu hünər səndən. [9]- Həsən bəy--məşhur general Həsən bəy Ağalarovdur ki, o da Zakirin qurtarmağı üçün çox çalışmışdır. Tutub damənini sən tək əmirin, Təvəqqein eylər iki əsirin[10], Qarabağ mülkündə bir mərdi-pirin Təmənnası budur, taci-sər, səndən! [10]-Bu iki əsirdən birisi Zakirin oğlu Nəcəfqulu bəy və o birisi bəradərzadəsi İskəndər bəydir. Qoyma ki, qürbətdə gedələr zayə, Sayə salmaq təqazadır hümayə; Laçın balasıdı gəmiş sonayə, Seyd etmək olardan, balü pər səndən. Salıbdır bəlayə dənəbgan ali[11], Dağılıb əmlaki, dövlətü mali; Sakit eyləməyə bu qilü qali --İstər o xoştəbü suxənvər səndən. [11]-«Dənəbgan ali» kəlməsini lazımdır «bəndəgan ali»» məzmununda anlamaq. Bu sayaq Cəfərqulu xan öz nökərlərin və müqərriblərin öyrətmişdi ki, sözləri tərsinə söyləsinlər, tainki lazım olan məqamda hüzzar onların danışmaqlarını anlamasınlar. Tutuşub mənimlə çərxi-bədəfal, Yerə girsin görüm ha belə iqbal! Bizim üstümüzdə, ey nikuxisal, Eşitdim incinib Yekəpər[12] səndən. [12]- Yekəpər--necə ki, saabiqdə zikr olundu,--Cəfərqulu xana işarədir. Baş verən zamanda bu əmri-əbəs, Gərək ona sən deyəydin: «Ey tərəs, Sən bir ağacsan ki, ömründə heç kəs Nə sayə görübdür, nə səmər səndən». Çoxların qılıbsan çörəyə möhtac, Axtarır, tapılmaz dərdinə əlac Fironu Hamanü Zöhhakü Həccac Ola bilməz ola sitəmgər səndən. Bidətin yandırıb qövmü əshabi, Müşküldü gətirmək bu zülmə tabi, Düşüb Cəbrəilli, Maralyan, Babi, Horadiz, Qoyucaq dərbədər səndən. Zülmü sitəminlə aləm dolubdur, Əhli-beytin rəngi-ruyi solubdur, Neçə rövşən xanimanlar olubdur --Şəbi-yelda kimi tirətər səndən. Böyük oğlun gəzər payi-piyadə, Şol biri də tələf oldu aradə; Xah kodxuda, xah büzürgzadə, O kimdi çəkməyə yüz həzər səndən? Sikkə olmaz evladının cibində, Rizqləri yırtıq çuval dibində; Can verdi madərin özgə evində, Nə düxtər yarıyıb, nə pəsər səndən. Өmri-təvilinə budur ki, dəlil, İstəməz üzünü görə Əzrail; Bundan sonra hələ yaşarsan yüz il, Vəchi budur, əcəl yan gəzər səndən. Üləmayə dersən föhşü latayil, Təriqi-islamə deyilsən qail; Bu hal ilə yenə çox əqli zail --Gəlib eşiyinə zad istər səndən.... Təsəllütün yetsə şeyxülislamə, Anı bizdən betər salırsan damə; Əbəs yerə düşmə xəyali-xamə, Nifrət eylər, billah, kim görər, səndən. Mən səni tanırdım, işlərin qandır, Yüz deyələr, elə haman-hamandır, Elə bilsin padişahi-zamandır-- Hər kim iraq olur, müxtəsər, səndən, Təğəllübdə, təfənnündə ustadsan, Doğru sözün yoxdu, kizbə mötadsan; Qatili-imamsan, İbni-Ziyadsan, Lazımdır eyləmək əlhəzər səndən. Vəsfi-sifatından danışdım xeyli, Eşitsin hər kimin var isə meyli; Elə yalqız Zakir deyil gileyli, Azürdədir aləm sərasər səndən. Əgərçi sabiqdə şairin Cəfərqulu xan ilə ülfət və mürafiqəti var imiş və yek-digərinə bir neçə zərifanə məktubat yazıblar ki, onların barəsində aşağıda filcümlə məlumat veriləcəkdir, vəli sonradan səbəb nə olubsa bunların mabeynində soyuqluq bəhmə gəlibdir və yuxarıda zikr olunan kəlamdan məlum olunur ki, Cəfərqulu xan Zakirin haqqında böyük pislik və bədguluq edibdir və hətta Mirzə Fətəli Axundov Zakirin xilasına və safa çıxmağına divan hüzurunda çalışdığı zamanda xani-məzkur ona mümaniət göstərib və bir növ Mirzeyi-mərhumdan rəncidə olubdur. Necə ki, bu hala şairin öz sözləri şəhadət verir: Tutuşub mənimlə çərxi-bədəfal, Yerə girsin görüm ha belə iqbal Bizim üstümüzdə, ey nikuxisal, Eşitdim incinib Yekəpər səndən. Qasım bəyə üz verən qəzada və pürxəta əmrdə köməkçi olanların birisi də qutqaşınlı Nəsrulla Sultanın xələfi-ərcüməndi general İsmayıl bəy imiş. Şairin ona yazdığı bir neçə məktubati-mənzuməsindən məlum olunur ki, ona artıq bəndəçiliyi və ixlası var imiş. Zakir öz əhli-vilayətindən şikayət edib, onların bihimmətü birəhm və bir-birinə yağı olmaqlarını zikr qılıb, İsxmayıl bəyi «Qutqaşın tərlanı» və «Şəki şahbazı» əlqabı ilə sifətləndirir və ondan bu sayaq kömək və mədəd diləyir: Bu əhldən mehribanlıq görmədim, Məgər bizə ola o yandan mədəd. Qutqaşın tərlanı, Şəki şahbazı, Sakini-biladi-Şirvandan mədəd. Qarabağ əşxası yeksər yağıdır, Əvvəldən axıra zülm ortağıdır; Bir gecədə canavarlar dağıdır, Olmasa kəlləyə çobandan mədəd. Nücəbalər qədrin bilir nücəba, Əxlaqına, ətvarına mərhəba! Daş-daş üstə durmaz aləmdə əsla, Dəyməsə insana insandan mədəd. Qəzayi-möhnətdə qalmışam möhtac, Uşaqlarım olub vətəndən ixrac; Təbibi-haziqsən, eylə bir əlac, Yoxdur mənə özgə dərmandan mədəd. Yığılsa bir yerə yüz alinəsəb, Danışığın mənat, sözün müntəxəb; Aləm bilir bivasitə, bisəbəb Müşküldür arizə divandan mədəd. Həzrəti-İsmayıl olsun dəlilin, Yetiş imdadına piri-əlilin! Necə fərzəndinə ol dəm Xəlilin-- Cəbrail gətirdi qurbandan mədəd, Əsasi-qiyamət olanda bərpa, Kimdir qövrə yetən ondan masəva; Sərdəftəri-rəsul, xətmi-ənbiya Tənzili-ayeyi-Qurandan mədəd. Çərxi-fələk salmış məni bu halə, Malu mülküm tamam getdi zəvalə; Qaidədir şərməndeyi-əyalə -- Yetişir sahibi-ehsandan mədəd. Gəlməyibdir mütləq ruyi-zəminə Tab edən mənim tək qəza qəminə; Zövrəqi-əltafın dili-həzinə, Gümanım var, verə tufandan mədəd. Namərd ətəyindən tutasan yüz il, Etibarım yoxdur həll ola müşkil; Olsa, olacaqdır dərdinə, ey dil, Xələfi-Nəsrullah Sultandan mədəd, Zakirəm həmişə sən tək sərvərə, Xoş göstərsin səni xaliq nəzərə Eyb etməz alişan üməralərə -- İstəmək duayi-pirandan mədəd. Başqa bir məktubunda Qasım bəy yenə Qutqaşınlı İsmayıl bəyi tərif və tövsif qılıb, başına gələn qəzavü qədəri təhrir edir, vəli öz halından şikayət etmir. Şair özünü aşiqlər sinfinə daxil qılıb, qiylü qala düşməsini təbii və adi işlər cümləsinə nisbət edir, zira ki, insanın başına qisim-qisim bəlalar gəlməsə və o, cürbəcür bəlalara və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkiclər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəceyi-kəmala irişməz. Şairin könlü pərvaz edib biladi-Misri və Nil çayının kənarlarını seyrü tamaşa etmək istəyir, taki çox səfərlərdən və təcrübələrdən sonra lazımn ittilaat və kəmalat əxz edə bilsin: Kəmala yetmək olmaz bisəyahət, haliya könlüm -- Təmaşayi-biladi-Misrü seyri-rudi-Nil istər, Şair özünü ənbiya zümrəsinə daxil edib, ruzigarın cəfasından azürdədil olmağı eyni-səfahət və həmaqət hesab edir, çünki ruzigardan yetişən cəfalar pis olsa idi, onları ənduhpərvər və bəlakeş İdris, İbrahimxəlil və Əyyubi-səbur özləri üçün eyni-səlah və rahatlıq bilməzdilər, şaki olardılar. Şair özünü həzrət Yaquba varis bilib, o dəxi fərzəndi-əzizinin qürbətdən gələn buyi-fərəhəfzası ilə xatirini şad və könlünü qəmdən azad eləyir: Cəfayi-dəhrdən azurdəlik eyni-həmaqətdir, Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər, Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən -- Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər. Bu sözlərdən sonra şair yenə Qarabağın şərir biqərəzlərinə rücu edib, təqazayi-təbiətlərindən naşi zülmü fəsadı zikr qılıb və şeytənətlərinin ucundan vətəni-məlufundan xaric olmağını suzişli sözlərlə bəyan edir. Yenə şairin könlü əziz vətəninin gülüstanında seyr eləməyi arzu edir. Vəli onun əl-ayağı qürbət vilayətdə dar qəfəs içində bağlıdır və qəfəs qeydindən azad olmağa dəlil istəyir: Edər yadi-gülüstani-vətən qürbətdə dil mürğü, Qəfəs qeydindən azad olmara daim dəlil istər. Vəli şair təvəkkül əhlidir. Hər yetən namərdə şərhi-hal etməyi özünə ar bilir. Uzun illər boyu girdabi-bəla və müsibətdə zarü zəbun qalsa da, əlini xakü xaşakə uzadası deyil və dənitəblərə hərgiz pənah aparmaz. Həngami-zərurətdə də olsa, şair nanəcib və namərd kimsələrə əl uzadıb kömək diləməyi özü üçün böyük qəbahət bilib, birkərəlik ölüb qurtarmağı ona tərcih verir. Necə ki, bu barədə özgə bir kəlamında demişdir: Namərd ətəyindən kişi həngami-zərurət -- Tutmaqdan isə yaxşıdır ölmək, a filani! Namənin axırında Zakir zarafatyana İsmayıl bəydən təvəqqe edir ki, Mirzə Fətəliyə yazsın ki, ona --yəni Zakirə bir döpü pərvərdə zəncəbil və özü də bir sarı kürki-Ərdəbil göndərsin, çünki Bakının sazaqlı küləyinin əlacı isti Ərdəbil kürküdür. Məzkur naməni eynilə aşağıda yazırıq: Səni aləmdə, ey arami-can, hər kim zəlil istər, -- Anı zillətdə bu qəmdar könlüm ayü il istər. Şərabi-cami-bəzmi-iltifatın nuş edən hərgiz Nə kövsər arizu eylər, nə abi-səlsəbil istər. Məni qövğayi-şəhri-bəhri-Baki təlxkam etməz, Nədən kim, aşiqi-şeyda olanlar qalü qil istər. Kəmalə yetmək olmaz bisəyahət, haliya könlüm -- Təmaşayi-biladi-Misrü seyri-rudi-Nil istər. Mənə derlər ki, sən «peyğəmbərəm» -- derdin, nə işdir bu? Deməzlər mərdi-mömin möhnətə əcri-cəzil istər. Cəfayi-dəhrdən azürdəlik eyni-həmaqətdir, Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər, Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən -- Gəlir buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər. Məni-piri-süxəndanın nədir cürmü, xudavənda,-- Üqubətdə o bişərmü cəfakarü mühil[13] istər? [13]- Tərxan -- Mouravova işarədir. Tapılmaz beylə bir bədhal zalim hiç millətdə, Yığılsa bir yerə Əndi, Kumık, Axtı, Rutil istər,[14] [14]- Əndi, Kumık, Axtı, Rutil -- Dağıstanda olan mahalların və kəndlərin adlarıdır. Məsəldir ki, xəta bir böylə adəmdən iraq olmaz, Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər. Qarabağ içrə ağ gün görmədim mən, tirəbəxt oldum, Onunçün xatirim ol qövmi-birəhmi qətil istər. Şəriri-biqərəz olmaq təqazayi-təbiətdir, İnanma bir kəsi xoşnud aləmdə bəxil istər. Bizim mərdümləri, zinhar, pənd əfsari bənd etməz, Oların, naqeyi-kalmık kimi, burnu qəzil[15] istər. [15]- Qəzil -- qıldan hörülmüş ipə deyirlər. Edər yadi-gülüstani-vətən qürbətdə dil mürğü, Qəfəs qeydindən azad olmağa daim dəlil istər. Nəhayət, şərhi-hal etmək yetən namərdə müşküldür, Sənin tək bir əmiri-pakzadü baədil istər. Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə, Füsurdə cismim olsun salha qərq abi-sil istər. Səxavət, ya vəsatət zat iləndir mərdi-biəslə Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər. Nihali-məqsədi sərsəbz olub əflakə yetməzmi, O kəslər ki, rizayi-xatiri-piri-əlil istər? Süxən meydanı, qibləm, təng idi, söz müxtəsər keçdi, Sənin övsafını nəzm etməyə bəhri-təvil istər. Yetən tək şəhrə hacı bəndəyə bir təxt bəxş etdi, Bilir ki, bazdəsti olsa, hər yerdə tüfil[16] istər. [16]- Tüfil -- tərlan və qızılquş üstündə oturmaq üçün qayrılan kürsüdür. O yerdən azimi-Tiflis çoxdur, yaz ki, Mirzayə, Filani bir döpü pərvərdə sizdən zəncəbil istər. Əgərçi var dağistani kürkü Zakirin, əmma Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər. Deyildi sabiqən əhli-təvəqqe, şimdi Bakudə Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər. Dağılmış xanimanı, incimin əxzü süalından, Tikəndə quş yuva çör-çöp yığıban, zir-zibil istər. Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Өz əsrinin aynası olubdur və məişəti-milliyyəsini --necə ki, var imiş, -- eyni ilə yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Өz əsrində şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun. O vaxtın adamlarının adabü əxlaqını və dolanacaqlarının övzavü əsasını mahir nəqqaş kimi özlərinə məxsus rənglərlə çəkib bizə göstərir. Məişətin hər bir sinif və təbəqatına ətraflı nəzər yetirib, sairlərin gözlərinə görsənməyən şeyləri görüb, təftiş və tənqid edibdir. Dusti-həqiqisi Mirzə Fətəli Axundova vilayətin şuluqluğundan, oğruların vüfurundan, yolkəsənlərin əndazədən çıxıb tüğyan etməklərindən, hakimi-vilayətin və divan qulluqçularının onlar ilə yekdil və yekcəhət olmaqlarından, hacı və məşhədilərin bəd əməllərindən, ailələrdə həyavü hicabın götürülməyindən və filcümlə, müasir[lər]inin əxlaqi-zəmimələrindən və çirkin işlərindən və bununla bahəm ata-babadan qalan gözəl adət və ayinlərin məhvü nabud olmağından şikayət edib deyir: Çəkilib köksümə dağlar, dügünlər, Kafirə olmasın nəsib bu günlər! Qınamasın məni könlübütünlər, Fikrim dağınıqdır, xatirim övraq. Demək olar ki, Zakirin əsrindən biz yaşadığımız zamana kimi müsəlmanların məişətində çəndan təfavüt vüqua gəlməyibdir. İndi də sabiqi adət üzrə ömür keçirməkdədirlər. Zahirdə guya bir az tərəqqi əsəri görünür, amma həqiqəti-hala diqqət yetirdikdə yəqinlik hasil olur ki, müsəlmanlar mənəvi və həqiqi tərəqqidən yenə də çox uzaqdırlar. Hətta təqəllübdə, xəyanətkarlıqda, büxlü həsəddə və biri-birinin canına və malına düşmən olmaqda irəlikindən bir az da artıcıq qabağa gediblər. Şairin yetmiş sənə bundan əqdəm yazdığı fəna hal indi də müşahidə ol(un)maqdadır: Həddən aşıb büxlü həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət; Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. O ki, qaldı insana zinət verən gözəl sifətlərə --ki, ibarət olsun sədaqət və istiqamətdən, dəyanət və qeyrətdən, ittihad və ittifaqdan, ədl və mürüvvətdən, cürət və həmiyyətdən -- bu qisim sifətlərdən din qardaşlarımız daha da ziyadə kənar düşüblər və nə vaxtı millətimiz nicat və səadət yolunu arayıb tapacaqlar, allah bilir. Bu tərəqqi əsrində bizim belə geridə qalmağımız və qəflətdə yaşamağımız tezliklə məhvü nabud olmağımıza şəhadət verir. Axundova yazdığı naməni Zakir bu sayaq başlayır: Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti-Qarabağ. Həqdi bundan əqdəm görübsən sən də, Hanı o qaidə, o qanun, səyaq? Qüttaüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır; Yenə vurhavurdur, apar-apardır, Bizim başımızda çatdadı çanaq. Bu şerlərdən sonra şair Qarabağda oğurluğa və quldurluğa məşğul el-obanın adlarını bir-bir* sadalayıb, «Zərgər Drağard» adamlarının haqqında deyir: Zərgər Drağarda aləm-aşikar-- Bir ucdan oğurlar, bir ucdan satar; Vay odur sahibi at başı tutar, Yüz yerdən tökülür üstünə çomaq. Sonra Qarabaldır və Ərəblər xalqına və Ərəs qırağında olan kəndlərin əhalisinə və bilümum vilayətdə müşahidə olunan qaydasızlığa keçib yazır: Qarabaldır xalqı, xüsus Ərəblər, Qarınca dəməyə necə dən çəkər, İşdədir sübhədək, ta ki, gecələr, Döyürlər, kim gəlib eyləsə soraq. Belə vilayəti dağıtsın tarı, Ziyadə məğşuşdu Ərəs kənarı; Xurda, Parababi, Qarğabazarı, Maralyan, Horadiz, Nüzyar, Qoyucaq. Hər obadan çıxar otuz ya əlli, Өzü cələkəsən, adları bəlli; Yenə şorta-şortdu Adıgözəlli, Min evdən artıqdır yığıntı kazak. Əgər xəbər alsan Molla Səfini, Oğru, dürüst qarışdırıb kefini; O, qələdə biçər ölü kəfəni, Çöldə üç atını soyublar çılpaq. Qarabağda nə day qaldı, nə dana, Bu gün-sabah qaçar hərə bir yana Tənbih etmək ilə Xınzırıstana, Xub saldı nizamə ölkəni qoçaq. Ədalətdə yoxdur bir kəsrü kəmi, Mundan sonra vilayətin nə qəmi; Əlbət, dağıdarmış külli-aləmi Ağzından süd iysi gələn iki uşaq. Biriidən şikayət edəsən əgər, Danışmağa qoymaz, sözünü kəsər, Qardaş malı kimi ortadan bölər, Murovlar[17] olublar oğruya ortaq. [17]-Murov -- Zakirin əsrində dövlət tərəfindən təyin olunmuş mahal böyüklərinə deyirlərmiş ki, rusca «uçastkovı zasedatel» adlanırmış. Görsən tanımazsan Yarımsaqqalı[18], Çıxıb əndazədən dövlətü malı; Xandəmirov çaldı, çapdı mahalı, O ki, tutub özün keçəl qurumsaq. [18]- Yarımsaqqal -- Şuşsa şəhərinin polisa rəisi Əmircanovdan ibarətdir ki, saqqalının ortasını qırxdırarmış. Gədə-güdə olub sahibməsləhət, Gündüz axşamadək danışır xəlvət, İşlərimiz belə keçsə bir müddət, Qədimilər olur tamam şil, axsaq. Gündə bir gətirir zakoni-tazə, Fikri budu xəlqi verə güdazə; Bizdən də məhrəmdir biri knyazə, Nə məhrəm, füzulü heyvərə, yanşaq. Həddən aşıb büxlü həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət; Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. Üləmalər üz döndərib xudadən, Usanmaz bir ləhzə cövrü cəfadən, Başı əmmaməli seyyid-molladən-- Taətdə övladır o qatmaqurşaq Həq bilir ki, beli şallı hacılar Zəhrimar tək xəlqin ağzın acılır; Düşəndə gözləməz Bu əhldən sinədağəm, sinədağ! Adın qoyub Kərbəlayi, Məşədi, Neylim, peşələri yaman peşədi; Çoxun gördüm Belə millət olmaz, qoyun oturaq! Gərək bu aləmdən eyləmək həzər, Өz yerində deyil çünki xeyrü şər, Bihörmət olubdur pədərə pəsər, Yüzdə biri yaxşı olur ittifaq. Kəmali-cürət ilə demək olar ki, millətimizin əxlaqü ətvarında dəxi bu müddəti-mütəmadi ərzində artıq bir tərəqqi və islahat vüqua gəlməyibdir. Xah nücəbalarımız, xah ruhani sinfi və xah mötəbər hacılarımız və məşhədlərimiz haman Zakir dövrünün adamlarıdır. Zahirdə geyimləri və libasları modaya müvafiq dəyişirilibsə də, kəmalü mərifətdə, azacıq da olsa, tərəqqi etməyiblər. Necə ki, bu barədə şair deyibdir: Gəldim ki, görüm bu necə xandır, Gördüm ki, elə haman hamandır. Namənin axırında Zakir şəmməi öz halından yazıb, Mirzeyi-mərhumdan təvəqqe eləyir ki, onun uşaqlarının xilası barəsində bəzi möhtərəm şəxsləri vasitəçi eləsin və onu unutmasın və sonra Mirzənin fəraqında çəkdiyi möhnəti izhar qılmaqla oxucuları dəxi də artıq mütəəssir, məhzun qılır: Cəmşid bəyə yetir səlami-əfzun, Knyaz Behbudova ərz etsin əknun; Nə rəvadır bisilisit, bizakun Viran ola nahəq yerə bir ocaq. İki nəfər sadə cəvanü novrəs, Heç birindən yoxdur rəncidə bir kəs Bir yanı Kolbasan, bir yanı Ərəs, Kim görüb onları həmkari-qaçaq? Böyüklük əmirə xoş səadətdir Və lakin rəvişi ədl-ədalətdir; Yıxılana, qaidədir, adətdir, Dayaq olan kəsə həqq olur dayaq. Fəraqət oturub hər kəs bir işdə, Nə yazda yarıdıq, nə də ki, qışda; Ya rəb, neyləmişik bu dağılmışda Həram oldu bizə bir qarış torpaq?! Çəkilib köksümə dağlar, dügünlər, Kafirə olmasın nəsib bu günlər! Qınamasın məni könlübütünlər, Fikrim dağınıqdır, xatirim övraq. Məqsudimiz hasil olmadı bizim, Yeksandı hicrində gecə-gündüzüm; Bu bədbəxtin halətindən, əzizim, Barı o viladə olgil göz-qulaq. Gərçi vilayətdə çox idi əhval, Müyəssər olmadı şərh edim əlhal, Bir parasın yazdım, elədim irsal, Bu şərt ilə: nə diş bilsin, nə dodaq. Ziyarət eləyib şeyxülislami, Zakiri-həzindən yetir səlami; Hacı Yusif, Molla Əhməd təmami, Haçan ola bir də deyək, danışaq. Belə açıq və sadə dildə heç bir şair öz vilayətinin övzavü əhvalını və müasirlərinin dolanacağını bu sayaq doğruluqla aydın və aşkar yazmayıbdır. Bu kəlam nəzmlənmiş nəsrdir. Bunda olan rədif və qafiyələr elm zoru ilə və savad gücü ilə icad olunmayıbdır. Bunlar camaatımızın ağzında müdam işlənən sözlərdir. Şair özü də el içində nəşvü nüma tapmış eloğlu olduğu üçün asanlıqla o sözləri öz məxsusi malı kimi sərf edir. Hansı bir şerdə belə bir sadə misra və qafiyələrə rast gəlmək olar: «Bizim başımızda çatdadı çanaq», «qoyun oturaq», «qurdu badalaq», «hamıdan qıvraq», «bir qarış torpaq», «dayaq olan kəsə həqq olar dayaq», «bir qədim ocaq», «olgil göz-qulaq», «nə diş bilsin, nə dodaq», «deyək, danışaq» və habelə. Bu sözlərin təmami zərbül-misal məqamında müttəsil dilimizdə cari olan sözlərdir. Necə ki, millətimiz diridir, bu sadə sözlər onun dilində işlənəcəkdir və nə qədər ki, bu sözlər istemaldan düşməyəcəkdir, yəni əcnəbi lisanlardan əxz olunmuş qəliz ibarələrin hücumu altında boğulub tərk olmayacaqdır, millətimiz dəxi ölməyib, diri və salamat qalacaqdır. Necə ki, bir millətin danışdığı dil itib-batmayıbdır, o millət özü dəxi itib-batmayacaqdır və həyat üzrə baqi qalacaqdır. Elə ki, dil unudulub istemaldan düşdü, dilin sahibi dəxi çox yaşamayacaqdır və onun fövt olmasına şəkk qalmayacaqdır. Bu barədə rusların mürəbbisi və ədibi Uşinski «Ana dili» sərlövhəsilə yazdığı məqaləsində deyir: «Madam ki, bir millətin özünə məxsus ana dilisi xarici dillərin təqəllüb və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır. Əgər onun cəmi maddi və mənəvi dövlətini əlindən alasan, vəli ana dilinə toxunmayasan, o millət fövt olmaz və az müddətin zərfində yenə özünə mal və dövlət cəm edər. Və biləks heç bir mal və dövlət ilə bir milləti əhya etmək olmaz, zəmani ki, onun ana dilisi və milli lisanı olmaya». Mərhum Zakirin öz milli dilinin şivəsi və ruhunu nə dərəcədə bilməyi onun nəzm ilə tərtib qıldığı bir çox nağıl və hekayələrindən görünür. Onlardan bir neçəsini «Balalara hədiyyə» nam adlı kitabçamızda dərc etdirmişik. Tanış olmaq istəyənlər o kitaba rücu etsinlər. Mirzə Fətəli Axundova yazdığı başqa bir naməsində Zakir yenə Qarabağın əhvalından filcümlə məlumat verib, hər bir sinfin şüğlü karını və əmali-şəniəsini Mirzəyə kəşf qılır. Bu namə daha da ziyadə şairanə yazılmışdır. Namənin ibtidasında şair öz könlünə üz tutub bir növ qəflətdən bidar etmək qəsdilə baharın yetişməyini xəbər verir və ona xitabən deyir: «Ey könül, dünyanın qəmi sənə ha qalmayıbdır?! Beş günlük ömrün var, ye, iç; eyş-işrətlə vaxtını keçirib, zövq-səfaya məşğul ol! Gərdişi-dövranın möhnət və cəfasını ancaq gərdişi-şərab apara bilər. Əgər özün sufilik biruz edib, şəraba meyl etməsən də, barı qeyrilərin eyş-nuşuna tamaşa qıl və bahar fəslinin ruhpərvər havası ilə qəlbini təzələndir. Bax gör qadirü rəhman sənin könlünü açmaqdan ötrü nə türfə şeylər yaradıbdır, nə gözəl nemətlər əta buyurubdur. Sonra şair keçmiş əsrlərdə olan böyük padşahları, bimurad aşiqləri və namdar pəhlivanları bir-bir yad edib deyir ki, onlara qalmayan dünya sənəmi qalacaqdır? Bəs, vaxtı fövt edib möhnətdə keçirmək yaramaz! Bu tənbih və tövsiyədən sonra şair Mirzə Fətəlinin özünə rücu edib zərifanə deyir ki, sən mənim kimi deyilsən. Tiflisin içində olursan; məskənin də yol üstündədir; gəlib-gedənə tamaşa edib, kef və ləzzət aparırsan. Xüsusən bazar günləri Hallavarın gözəlləri bəzənib, dəstə-dəstə kəlisayə cəm olurlar. Onlara baxdıqca sənin ruhun təzələnir. Şair ona məsləhət görür ki, axunddan[19] xəlvət, mümkün olsa, düşəndə bir Balaəhmədi də yanına alıb, gedib mələksimaya baxsın. Belə zarafatdan sonra şair keçir öz vilayətinin övzavü əhvalını şərh qılmağa. Onun öz kəlamına rücu edək: [19]- Axund -- yəqin ki, burada şeyxülislama işarədir. Nə xabi-qəflatdir, divanə könül, Aç gözünü, süni-xudayə bir bax! Sənə ki, qalmayıb qəmi aləmin, Seyri-baği-zövqü səfayə bir bax! Qıl tamaşə novərusi-baharə, Qənimətdi beş gün ömri-dübarə; Səhni-çəmənlərdə qümri, həzarə Nə xoş verib səda-sədayə, bir bax! Gərdişi-dövranın, ey xanəxərab, Aparır möhnətin gərdişi-şərab; İçməsən də içmə özün meyi-nab, Eyşü nuşi-bayü gədayə bir bax! Yasəmənin ətri çöküb caləyə, Gəlir gülüstandan buyi-qaliyə; Gahi bənəfşəyə, gahi laləyə, Gahi də nərgisi-şəhlayə bir bax! Sərvü sənubərin afəti-xəzan Soyub libasını qoymuşdu üryan; Gəlib tərəhhümə sərvəri-rəhman, Verdiyi xələti-zibayə bir bax! Əgərçi xəstəsən, dur bir ayağə, Ahəstə-ahəstə güzər qıl bağə; Qəh-qəhi-minayə, rəqsi-üşşaqə, Cah-cəhi-bülbüli-şeydayə bir bax! Seyrə çıxıb dəstə-dəstə gözəllər, Çiçək dərib tər buxağə düzərlər, Qaqqıldaşa-qaqqıldaşa gülərlər, Canlar alan sövtü sədayə bir bax! Şəqayiq, qərənfil, süsən, nəstərən Zəbani-hal ilə oxur müstəhsən; Həvayi-kuhsar, səfayi-çəmən Tən edər cənnətül-məvayə, bir bax! Necə oldu Cəmşid, Firidun, Kavus, Söhrabi-namvər, Fəramərzü Tus, Əsasi-İsgəndər, gənci-Dəqyanus Tamam getdi badi-fənayə, bir bax! Bu dari-dünyanın yox etimadı, Sənin də rehlətin bugün-fərdadı; Sal yadına nəqli-Şirin-Fərhadı, Sərgüzəşti-Məcnun-Leylayə bir bax! Mənim tək deyilsən, əzizim, sənin Kür kənarı, yol üstüdür məskənin; Ləzzətini apar gəlib-gedənin, Nazənini-fərdi-əlayə bir bax! Hallavarın bu səmtinin gözəli, Bazar günü gəlisayə çox gəli; Laçın tumaqəli, tərlan cilvəli, Səri tər cığalı sonayə bir bax! Duyuq düşsə əgər verməzlər rüxsət, Unutma, gah-gah düşəndə fürsət Molla Əhmədi də axunddan xəlvət, Al yanına, mələksimayə bir bax! Fisqü fücur həddən aşıb Şişədə, Erkəyi, dişisi yaman peşədə; Mənəm qalan həmin bu əndişədə, Zəmanə dönübdür, qövqayə bir bax! Sürahi solunda, badə sağında, Məzə qabağında, mey dodağında, Çeşmə kənarında, çay qırağında Əmmameyi-seyyid, mollayə bir bax! Vaiz bizə oxur şərhi-Mustafa, Həramə mürtəkib olmayın əsla! Өzü lüm-lüm udar batində, əmma Zahirdə dediyi mənayə bir bax! Kimdi baxan peyğəmbərə, imamə, Bu dağılmış düşən deyil nizamə. Orucluqda şürbi-meyi-gülfamə, Mahi-məhərrəmdə zinayə bir bax! Səhra mərdümini şəhr əhli görcək Yalvarıb, yapışıb oturdar çömlək; Beş arşında sürüşdürür üç çərək, Tacirə seyr eylə, sövdayə bir bax! Baqqal qoyar tərəziyə imanın, Əsəl qiymətinə satar ayranın, Qudurmuş it kimi dolar dörd yanın, Deyən yoxdur Ali-Əbayə bir bax! Pinəçilər bafta taxar boynuna, İmperial tökər vərəq oynuna, Qovurmaçı saat qoyub qoynuna, İddiayi-əla, ədnayə bir bax! Həramilər kimi yol üstə yatar, Tamojnaya çakər olub, mal tutar, Dünbək çalar, şərab içər, baş atar, Qövli-bəyzadəyə, tərsayə bir bax! Dolanır bazarı darra, kvartal, Döyülür sifətlər, yolunur saqqal; Gecə get cibinə beş-on manat sal, Gündüz gəlib nırxa, bahayə bir bax! Həddən aşıb bu viladə şərarət, Hər kim bir iş görə, puluna minnət; Mu qədəri yoxdur ədlü ədalət Və lakin şöhrəti-bicayə bir bax! Böyüklərin işi deyil deməli, Dənidən betərdir feli, əməli; Böylə görməmişdik bundan əzəli, İndi karü bari-rüsvayə bir bax! Xanzadələr şişə taxır rəyəti, Өzlәrinin deyil malü dövləti; Orda təpər, harda düşsə fürsəti, Mujikə seyr elə, ağayə bir bax! Palajenya nəqli ta olub möhkəm, Gərək bəy azalda zülmün dəmadəm; Dəxi də artırır bu əhli-biqəm, Yanında çalınan zurnayə bir bax! Piranəsərlikdə mən oldum rüsva, Düzəlmədi işlər, cana yetdim ta; Gör nə oyun tutdu, əzizim Mirza, -- Zakirə, təqdiri-qəzayə bir bax! 1848-ci sənədə çıxan zakonun hökmüncə xanzadə və bəyzadələrin ixtiyarı azalır və rəiyyət tayfasına bəzi ixtiyarat və əmniyyət vədə olunur. Vəli qanun və qaydaya adət etməmiş xanzadələr çəndan təzə zakona mültəfit olmayıb, irəlikindən də ziyadə bacardıqları zülmü rəiyyətlərin haqqında əsirgəməzlərmiş. Burada Zakir xanzadələrin avamlığını və vəhşiyanə hərəkətlərini təyib və təzmim edib deyir: Bu əhlibiqəmin halına heç bir şey təfavüt etməz; yanlarında çalınan zurnaya bax ki, onları bidar və huşyar qılmaz. Əgərçi burada şair xanların və bəylərin avamlığını, zülm və istibdad tərəfdarı olmaqlarını zəmm eləyir, vəli bu palajeniyanın (qərardadın)" hökmü --ki, xanzadə və bəyzadələr ilə rəiyyət tayfasının arasında gərəkdir bir növ müsavat olsun, -- onun özünü də müztərib və pərişanhal eləyir və buna səbəb şairin ezünün nücəba və xanzadə silkinə daxil və mənsub olmasıdır. Həmin bu məzmunda ikinci dəfə olaraq təzə bir zakonun elan olunması Zakiri daha da artıq məğmum və dikərkun edib, aşağıda təhrir olunan nalə və şikvələrin inşadına səbəb olur: Çıxmadı, qurtulaq dərdü bəladan, Gundə bir zakuni görən canımız. Hər ayın başında bir yol dəyşilən Adətu qanuni görən canımız. Təfavut qalmadı gədayə, bəyə, Barkeşlər indi keçib yedəyə[20]; Qənaət eyləsin bezə, qədəyə Cameyi-gülguni görən canımız. [20]- Barkeşlər -- yəni yük heyvanları indi yedəyə keçibdir. Rəiyyət tayfasının layiqi-hörmət və etina olmasına işarədir. Bundan isə yegdir diyari-qürbət, Al başını, dur get, əlbət, səd əlbət; Yalavac əyaldan çəksin xəcalət Bəzəkli xatuni görən çanımız. Yazü qış həmişə sevgili canan Geyərdi əyninə libasi-əlvan; Olmasınmı indi sərv tək üryan Qaməti-mövzuni görən canımız?! Fətulə-fətulə səfheyi-rudə, Gəh tərfi-zənəxdə, gahi əbrudə, Pərişan olmazmı qubaraludə Müəttər kisuni körən canımız?! Mübarəkdir bu dünyanın nizamı, Nəhayət, müşküldür öyrətmək xamı; Yad edib ağlayın keçən əyyamı, Mehnəti-əfzuni görən canımız! Ac qaldıqca rəxtixabi sataçaq, Gələ-gələ quru yerdə yatacaq; Uzaqdan sikkəyə güllə atacaq Min tümən altuni körən çanımız. Saldıq başımıza nə növi daşı, Harda biz görmüşük belə pərxaşı? Rəiyyətlə boyunduruq yoldaşı -- Çakəri-dilxuni görən canımız. Nə gündə yaradıb xudavənd bizi, Bir yana apara bilmədik izi. Gahi Avanesi, gahi Sərkizi, Gahi də Semyoni görən canımız. Bəy ikən adımız oldu mülkədar, Daxi mundan belə bizimçün nə var? Mükəddər olmazmı sahibiixtiyar-- Əvəki, Ərtuni görən canımız. Satarıq, sovarıq olub qalanı, Həq bilir sözümün yoxdu yalanı, Salsın alta indi öküz palanı Balışi-pərquni görən canımız. Sərxeyl ikən yeksər qaldıq ayaqda, İşlərimiz keçir yaman sayaqda, Nə tirəbəxt oldu bu Qarabağda Taleyi-meymuni görən canımız. Tağar-tağar arpa, buğda əkilən, Biçilib, döyülüb dama tökülən; Qan axıt gözündən, ipək çəkilən -- Xali tərazuni görən canımız. Bu tövr ilə getmək müşküldür yola, Nə sağa mümkündür qaçmaq, nə sola; Gərək indən belə digərgun ola Kari-digərguni görən canımız. Aparılır qaravula, keşiyə, Qəht olub bir deşik, girək deşiyə Buriya döşəsin evə, eşiyə, Qalini, bahuni görən canımız. Bu zülmü insana eyləməz insan, Saf cana yetişdik, aman, əlaman! Bir neçə laməzhəb, adı müsəlman Mürtədü məluni görən canımız. Gəldi, getdi, heyif, əmiri-nəcib, Feyzi-nəzərindən olduq binəsib; Necə qəbul eylər naəhl təbib Haziq Ərəstuni görən canımız. Lazımdır ki, edək belə qonağa Ellik ilə malü-mülki sadağa; Өzgә əmir ilə tutmaz əlaqə Ta doyunca muni görən canımız. Ədalətli, mürüvvətli canişin, Təkyəmiz onadır küllühüm həmin; Sənaxandır ona ta ruzi-pəsin, Xəlqə rəhnümuni görən canımız. Məlcəi-füqəra, mömini-zəlil, Hamiyi-züəfa, mürşidi-dəlil, Kərəmi abi-Kür, ətasi Edil, Səxası Ceyhuni görən canımız! Qasım bəyin bərgüzidə əsərlərindən birisi də mollaların şənində və üsuli, şeyxi-məzhəblərin əqaidinə dair yazdığı həcvasa kəlamıdır ki, onun mislini bu vaxta kimi Azərbaycan şüərasının asarü əşarında görməmişik. Bu kəlamda Zakirin ən müqtədir və rəvantəb bir şair olması yəqin olunur. Ondan sonra gələn şairlərdən bir çoxu bu kəlama nəzirələr yazıblarsa da, heç birisi belə fəsahət və bəlağətdə mətləbi yetirə bilməyibdir. Onunla oxucuları aşina etməyi özümüzə borc bilib, burada onu dərc edirik. Şuşa qalasının ruhaniləri və xüsusən, şeyxi və üsuliməzhəb mollaların əqaid və ətvarı babında yazılmış həcvasa kəlamdır ki, Qasım bəy Zakirin təbi-səlimindən nəşət etmişdir: Neçələr silsileyi-təbimə təhrik verir, Rişteyi- nəzmə çəkəm yəni düri-qəltani. Budu xahişləri kim, baxmayıb ağü bozuna, Eləyim həcv tamam bayü gədavü xani. Neyləyim, ölkə bulaşıb nəcisə bir günə, Pak qılmaz onu gər bağlayasan ümmani Verməsən vüsət əgər nəzmə, olur namərğub, Eləsəm cümləsini şərh, düşər tulani. Çarə oldur ki, yenə hər biridən bir şəmmə Söyləyib, ta ki, qılam həcv Əmiraslani. Çünki ol fasiqü facir kimi həcvə layiq -- Tapmaq olmaz, gəzəsən Gəncə, Şəki, Şirvani. Qalsın, axırda onunla olunur xətmi-kəlam, Fəsli-əvvəl danışaq məzləmeyi-mollani. Ah, [bu] müftəxorun dad əlindən, səd dad -- Ki, salıblar necə gör məmləkətə qövğani! Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri, Etdilər zirü zəbər bargəhi-imani. Hər əlif-ba oxuyan adını ruhani qoyub, Bilməz öz əbcədini, ruha çəkər suhani. Alimü fazilü ustad, müridü mürşid, Nə qədər ki, görəsən dövrdə sərgərdani. Həmə qövğaləri bəhri-dirəmü əqmişədir, Həmə təqvaləri şali-əməli-Kirmani. Vermərəm mən oların taəti-bibəhrəsinə -- Tarı şahiddir özü, məsiyəti-düzdani. Yenə filcümlə üsul ilə üsuli danışır, O ki, şeyxi lap elə dibdən urur baltani. Etməyib şərmü həya göz görə Əbdüllahə Eylər isbat sərasər sifəti-yəzdani. Bişü kəm xaliqü məxluqdə bir fərq gərək, Eləsən nik nəzər, bunda təfavüt hani? Bir quru ismdən özgə dəxi həqqə nə qalır, Lənət olsun sənə, ey münkiri-həq ruhani! Bəs deyilmi olalar, vasiteyi-külli-vücud, Bəs deyil məzhəri-feyzü kərəmi-rəbbəni? Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat, Bəs deyilmi səbəbi-fəthi-dəri rizvani? Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik Biz imami, necə ki, ermənilər İsani. İki tarı yenə mümkündü süluk eyləyələr, Gərək on dörd yerə bunlar bölələr dünyani. Qasimi-rizq demək gər bu isə, şamü səhər Şiri-yəzdan götürüb dəstinə paylar nani. Bu dənirütbə nə layiq o şəhi-kövneynə, Haşa-lillah götürə mənsəbi-fərraşani. Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır, Sənəti-sanei müşküldü tapa insani. Yoxdu bir ruzirəsan bari-xudadan qeyri, Odu murü mələxə rizq verən asani. Mahiyi-bəhrə qılır qətreyi-barani qəza, Seyd edir bipərü balə məgəsi-pərrani. Müşrikü mürtədü mərdud, nəsaravü yəhud, Vəqfdir cümləyə xani-kərəmü ehsani. Doğrudur, raziqü mühyiyyü mümitdən qeyri Hər sifət kim, deyələr var sifəti-imkani. Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah, Bir xəyal eylə ki, kimdir dediyin böhtani. Gedəcək duzəxə, bişübhə, o mövla həqqi, Xaliqi-mövtü həyat kim bilə ol mövlani. Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril Batinindən gətirir zahirinə Qurani. Belə gər olsa, cəmii-şüəra mürsəldir -- Ki, yazıb hər biri bir cild, iki cild inşani. Onların da yenə vardır neçə ülül-əzmi -- Hafizü, Sədiyü Cami dəxi həm Xaqani. Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın, Ümmətim Tanyaqü Külqışlaqü Xızrıstani. Tutuban rahi-digər xarici olmaq yegdir -- Bu isə tövrü təriqü rəhi-müslimani. Bilməzəm hiç nə vəch ilə bu laməzhəblər Bəhs edirlər ki, mükəlləfdi qamu əşyani. Əqldir rəhbəri-nikü bədü həqqü batil Şey ə ki, verməyib ani, necə tapsın ani? Tifl ta baliğ olunca ona yoxdur təklif, Nə dəlil ilə mükəlləf biləsən heyvani?! Tanımaz ana-bacı, bir-birinə cift olur Nə nikahi, nə təlaqi, nə də siğəxani. Gəllədən gər xəbər alsan ki, de rəbbin kimdir? Göstərər ciddü yəqin ilə sənə çubani. Bəndəsindən nə təvəqqe elə rəbbin ki, özü ............................................................ Küfrdür qabili-təsbihi-təala bilmək -- Füzleyi-xəlqi yeyən sağsağani, qarğani. Aşiqin taəti məşuqə səzavar gərək, Bixirədlər nə bilir rəsmü rəhi-fərmani? Zihəyata, tutalım, cəhl ilə isbat etdin, Var oların da dedin hissü şüurü cani. Elə insaf, nəbatat, cəmadat, gözüm, Kim inanır ki, tapa mərifəti-yəzdani? Bu nə qövğa, bu nə kavuş, məgər görməmisən Oxunan vəqtdə sən sureyi-«Ərrəhmani»? Cümləsin bari-xuda növi-bəşərdən ötrü Xəlq edib, hər biri bir dərdin ola dərmani. İns nlə cinnədi təklifi-xudavəndi-cəlil, Üləma böylə ki, təfsir edər Qurani Şeyxi şəyyaddı hərçənd, üsulidə dəxi Yoxdu bir mu qədəri mərifəti-insani. Cümlə bədkarü dilazarü mühilü kəzzab, Cümlə bidinü süxənçinü şərarət kani. Əllərində hamının səbheyi-səddanələri, Dillərində hamının şamü səhər yalani. Birisi bihəmə çiz biri ilə başlar cəng, Hakimi-şərə çəkər, şahid olur qalani. Bilə, ya bilməyə bir yaxşı ziyafət eylə, Sal samavarə odu, dövrə gətir fincani! Bir içim çay ilə yüz şahidi-bidin tapılır, Necə kim, Əli bəyin çıxdı göyə əfğani[21]. [21]- Bu şerlər Əli bəy ilə məşhur hiyləsaz Kərbəlayı Allahverdinin arasında vüqua gələn mürafiəyə dairdir. Əli bəy Kərbəlayı Allahverdiyə 22 tümənin vəchində verdiyi sənədi KərbəlayıAllahverdi həkki-islah edib, 22 sıfrayı çöndərib 1200 edibdir vəbir para bidin şahidlərin köməyi ilə hakimi-şərin tərəfdarlığı ilə 22 tümənin əvəzində Əli bəydən 1200 tümən alıbdır. Cəfəri-kar ki, eşitməz, çalalar zurna səsin -- Der imiş mən hamıdan yaxşı eşitdim ani. Yeddi gündən sora bir şəxs Dızaqdan yetişib, Qaziyi-şəhr yazıbdır biri də filani. Eşidiblər ki, olur şahidi-şiə məqbul, Bağlayıb uzun Hüseynəli dəri-dükkani. Həzrəti-qazi və yanındakı Ağanovruz Eyləyib hər biri bir tərz münasibxani. Biri bəqqali-bədəfalü kəlambazü füzul, Biri əhli-zələmə zadeyi-Şəkkərbani[22]. [22]-Şəkkərbani--şairin əsrində pis yola qurşanan bir arvadın adıdır. Belə şahidlər ilə bir kəsə din olsa sübut, Kişi neylər dəxi rəncü təəbi-kimyani? Hər kimin var isə həmmamı, edər borcun əda, Bari bizlər kimiyə atmayalar böhtani. Tümən oğlu Nuru[23] netsin ona, ya özgə vəkil, Əhli-Təbriz təfənnündə ötüb şeytani. [23]- Nuru Tümən oğlu Əli bəyə vəkil imiş. Vəli Kərbəlayı Allahverdi onu da aldadıbdır və o, işi uduzubdur. Yox məzəmmət yeri bu babdə hərgiz Əlidə, Rindi-şəhr ola özü, əsli ola Məmqani[24], [24]- Kərbəlayı Allahverdi Təbrizdə anadan olmuşsa da, əslən Məməqanlı imiş. Hər nə oldusa ona, qazidən oldu, əlhəq, Var idi çünki onunla kədəri-pünhani. Pəmbeyi-eyşini verdi yelə ol bədbəxtin, Saldı bir dərdə ki, heç nüsxədə yox dərmani. Yazdı biməksü təvəqqüf iki saətdə həmin Surəti-şəri həzarü dü səd tumani. Şərtdi şər hüzurunda rəhü rəsmi-ədəb, Nə ki, sərkub oluna bir tərəfin əqrani. Molla, nə molla, əsiri-şikəmi-əndər piç, Qazi, nə qazi ki, sir olmaz içə ümmani. Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm, Leyk doğru deməyin şərdə yox üsyani. Doğruluq qalmayıb əsla bu fəna aləmdə, Sərnigun ola, görüm, böylə yaman dövrani. İstər idim dəxi də nəzmə verim tul, vəli Dil dedi: -- Өmr keçib, qət elə bu hədyani. Əmiraslanə gərək dəftəri-digər yazıla, Çünki ol bədəməlin qeyr gərək dastani. Yaxşı həcv eylər idi bu dəmin adəmlərini, Sağ gər olsa idi indi ol İbni-Cani[25]. [25]- İbn Canı -- Kərbəlayı Abdulla Canı oğludur ki, onun barəsində yuxarıda yazılmışdır. Rişteyi-təbimə yox tab verən, çərx əfsus Eləyib xak ilə yeksan qədi-Babani[26]. [26]-Qədi-Babani -- yəni mərhum Mehribanlı Baba bəy ki, onun haqqında da filcümlə məlumat verilmişdir. Getdi həmdərdlərim, bisərü saman qaldım, Bu ribati-kühənin yoxdu sərü samani. Dəmi-rehlətdi, könül, bari iqamət açma, Mizban xar tutar dir köçən mehmani. Keçdi hədyan ilə övqat, bağışla, ya rəb, Behəqi-ali-Əli cürmi-məni-pirani. Nəçidir maliki-rizvan üzünə açmaya dər, Ola hər kimsənənin əldə onun fərmani. Zakiri-rusiyəhəm, gərçi günahım çoxdur, Var dəstimdə vəli Ali-Nəbi damani. Kəlamın axırında Qasım bəy haqq və doğruluğun bu puç dünyada məhvü nabud olmasını kəmali-təəssüflə izhar edib, belə yaman dövranın sərnigun olmasını arzu edir və etməmək də olmaz. Bir yerdə ki, «bir içim çay ilə yüz şahidi-bidin» tapılsın və səbheyi-səddanə əldə ola-ola dillərdə yalan söylənsin və hakimi-şər dəryalarca kamına çəkib yenə sir olmasın, daha belə vilayətdə doğruluq qala bilərmi və belə dövranın abad olunmasını arzu etmək rəvadırmı? Şair özü dəxi dünya zindəganlığından bizar olub, onda artıq yaşamağı istəmir, rehlət zamanı yaxınlaşmağını dərk edib axirət mənzilinə köçməyə hazırlaşır. Bir tərəfdən dəxi şairi dünyadan soyudan mehribani rəfiqlərinin təmamən getməsi olubdur; «rişteyi-təbinə təhrik verən» yoxdur; ruzigari-qəddar İbn Canını fövt edibdir və çərx də «qəddi-Babanı xak ilə yeksan qılıbdır»; «bu ribati-kühənin yoxdu sərü samani». Digər tərəfdən də sahibxanə dir köçən qonağı dost tutmaz. Ona binaən lazımdır dünyadan bir az üzüsulu getmək. Bu hal ona şəhadət verir ki, Zakir dünyada xeyli vaxt ömür sürübdür. Necə ki, özü iki-üç yerdə öz sinnü salına işarə edibdir. Şair həştad sənəyə kimi yaşayıbdır. Kolyubakina yazdığı kağızda deyir: Həştada yetişdi sinnü salımız, Bu dövlətdə ağarmışdı yalımız; Getdi dövlətimiz, mülkü malımız, Nəxli-təmənnamız kədər gətirdi i. a. Mərhum Mirzə Fətəliyə yazdığı kağızda yenə öz sinnindən söz açıb deyir: Az qalıb həştadı tamam edəm mən, Sən indi yazırsan əhli-şər məni i. a. Və bunlardan əlavə şairin bir neçə məqamlarda qocalıqdan şikayət etməsi onun xeyli əlil və düşgün olmasına dəlalət edir. Məsələn, bir yerdə yazır: Ağzımda uçuq qəbrə dönüb otuz iki diş, Üç-dördü qalıbdır. Bir-birini tutmaz dəxi onlar görə bir iş, Kökdən boşalıbdır.... Və yenə bu şikayətnaməsinin axırında yazır: Saqqal dönüb ağ sümüyə, söyləmə, Zakir, Qəflətdən ayıl sən! Sövdayi-qiyamətdə gərək ər ola mahir, Dur, düş yola, tərpən! Köçmək dəmidir, yatma, kişi, çapükü şakir Taət yolun öyrən! Bahörmət ikən çarə odur mərgi arayım, Şayəd ola qismət?! Yenə qocalıqdan şikayət edib, bir şerinin axırında yazır: İltimasım budu kim oldu, xilas eylə məni, Oğul-uşaq əlinə vermə saqalım, qocalıq! Hər halda altmış sinnində olan şəxsdən bu qisim şikayət sadir olması təbii deyil.... Şair səyahət qəsdilə Tərtərbasana -- ki, Cavanşir mahalından ibarətdir, -- azim olur ki, o yerləri seyr edib, könlü açılsın və şayəd Bərdə şəhərinin keçmişdəki şenlik və abadanlığından bir əsər bulsun və bir müddət şurişi-zəmanədən fariğ və asudə olsun. Tərtərbasana nə təmənna ilə azim olduğunu Zakir bu sayaq nəzmə çəkir: O viladə mehribanlıq görmədim, Gəlmişəm indi də Mehriban[27] gəzəm; Seyr eləyim tamam Tərtərbasanı, Varmı aşiqinə can qıyan gəzəm. [27]-«O viladə» deməklə yəqin ki, şair Şuşa uyezdinə işarə edir; «Mehriban gəzəm» -- şairin dostu Baba bəyin vətəni və vəfat etdiyi «Mehriban" kəndinə işarədir ki, Cavanşir mahalındadır. Tülək tərlan ovlağıydı bu yerlər, Bərdə torpağına eyləyim güzər; Görüm qalıbdırmı Şirindən əsər, Baxam hər tərəfə nigaran gəzəm. Xosrovi-Pərvizin şanü şövkətin, Fərhadın ələmü qəmü möhnətin, Şapurun çəkdiyi nəqşü surətin Arayıb, axtarıb bir zaman gəzəm. Dolanıb sərasər çarsu bazarı, Gətirəm nəzərə səmti-minarı, Görsəm, xəbər alım bülbüli-zarı, Necoldu ol gülü gülüstan, gəzəm. Deyim hanı munda gəzən gözəllər? Teyhulu meşələr, sonalı göllər? Çayın kənarında tikilən ellər? Yoxdu heç birindən bir nişan gəzəm. Ol baş-başa verən sərvi-rənalər, Hər guşədən gələn sövtü sədalər, Zərrin piyalələr, meyi-səhbalər, Gərdişi-badeyi-ərğəvan gəzəm. Bu minval ilə şikəstə Zakir bülbüli-zardan əhval cəm edib deyir: Bu diyarın adət və qanununu mən təvarixdə oxumuşam. Onları xeyli müstəhsən surətdə təhrir qılıblar. Bayram gecələrini sübhə kimi bu şəhərin əhalisi çirağan edib, eyşü işrətdə keçirirlərmiş. Bəyzadə və əmirzadələr boynu qəlladəli səgi-şikar ilə övqatını seydgahlarda sürərlərmiş. Böyüklər astanasında pəhlivanlar və qızmış nərlər küşti tutarlarmış. Bir yandan cəvahirfüruşlar, bir tərəfdən zərgərlər gözəl nazəninlərə bəzək və zinət əsbabı mühəyya edərlərmiş. Karvansaralarda qələndərlər qəsidə oxuyub, tacirlər və səyyahlar və hər qisim qəribü qürəba sübhə kimi şirin nağıl və hekayətlər söylərmiş. İndi onlardan bir əsər və bir nişanə varmı? Şairin öz kəlamına rücu edək: Aşiqə söylərmi qasid ənqərib, Qəm yemə, dilrüba sənədir nəsib? Zimistan qeydindən çıxan əndəlib Axtarırmı təzə aşiyan, gəzəm? Cəvahirfüruşlar satırmı gövhər? Xublar yaraşığı görürmü zərgər? Karvansaralarda tacir, qələndər, Necə keçər şami-qəriban, gəzəm. Gecə-gündüz daim bangi-cərəsdən, Qulaq tutulurmu sədavü səsdən Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzəm. Sayeyi-sərvdə məcməi-xuban Yenə əyləşirmi xoşdilü xəndan? Yoxsa ki, onlara saqiyi-dövran İçiribdir mey yerinə qan, gəzəm? Nazəninlər ta tülui-afitab Oturub gecələr çəkirmi gülab? Çeşmi-aşiq kimi fəvvarədən ab Tökülürmü hovza nümayan, gəzəm? Sonra şair yenə bülbüldən soruşur ki, müzəyyən məhəllələr və münəqqəş otaqlar yenə irəliki halında dururmu və yenə otların içində xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurlarmı? Tövlələrdə köhlən atlar kişnəşirmi? Hamamlar yenə əzəlki kimi rövnəqlidirmi və onlara külli ağçalar sərf olunurmu? Bağlarda və bağçalarda seyr edənlər və nazənin cananlar yenə qaqqıldaşa-qaqqıldaşa gəzirlərmi? Amma çox əfsus ki, şair burada zikr qıldığı şənlikdən, tərəqqi və təməddündən564 bir əsər görməyib, məyus və pərişan olur və bülbüli-biçarə ona belə xəbər yetirir: Bülbüli-biçarə verdi xəbəri, Dedi ki, qalmayıb şənlik əsəri, Mən Zakirəm, onu görəndən bəri Gərək Məcnun olub, biyaban gəzəm. Şair özü guya bülbüli-əfsürdədilin belə hüznavər xəbərini pişəzvəqt dərk edib deyir: Bu puç dunyaya etibar yoxdur; bunun bir səfası müqabilində yüz cəfası var. Ona binaət yəqindir ki, keçmiş şövkətü cəlaldan, sərvətü maldan və namdar şəxslərdən bir əsər yoxdur. Tamamını «qara yer» öz kamına çəkibdir. İndi əlac ona qalıbdır ki, mən də özümü qibleyi-hacət olan imamzadəyə yıxıb, onun mübarək səhnində döşənən tənlərə huşü diqqətlə nəzər edib, öz sağlığımdan peşman olam: Qibleyi-hacətə yıxıb özümü, İmamzadəyə sürtüb üzümü, Xak olan tənlərə dikib gözümü, Olam sağlığıma peşiman, gəzəm. Hərgiz bu cahanə yoxdur etibar, Səfası bir isə, yüz cəfası var. Baş götürüb gedim diyarbədiyar, Eləyim aləmi imtahan, gəzəm. Hər kəs Zakirin bu kəlamını başdan-ayağa diqqəti-tamam ilə oxuyub, onda şair yad etdiyi məqamları seyrü təfərrüc qılsa və əzəlki hal ilə indiki övzavü əhvalı tətbiq etsə, bilaşübhə, onun də ürəyi qan ilə tutulub, gözlərindən bilaixtiyar yaş tökülər. Odur ki, biçarə bülbülün verdiyi xəbər şairin keyfini pozub, halını pərişan eləyir və Məcnunsifət onu kuhü biyabana salır: Mən Zakirəm, onu görəndən bəri Gərək Məcnun olub biyaban gəzəm. Necə ki, yuxarıda zikr olundu, sabiqdə Cəfərqulu xan ilə Zakirin mabeynində ülfət və zarafat var imiş. Onun xana yazdığı namələrdən bir neçəsi başdan-ayağa lətifəli və zərifanə yazılmış şerlərdir. Xanın Cəbrayıla getməyi barəsində şair istehza təriqi ilə yazıb izhar edir ki, iki gündən ziyadə orada qalmasın; əvvəla özünə xan deyən kəs gərəkdir xalqı incitməsin və saniyən, o yerin adamlarında nə mərifət var ki, xan onların söhbətindən və ülfətindən bir feyz kəsb edə bilsin: O babili Vəli Məmməd deyil mütləq sənin babın, Nə layiq şahbazın həmnişini bir qürab olsun. Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sərsər tək, Əli-allahidən daim gərəkdir ictinab olsun. Şairin əqidəsincə adamın malı və dövləti olmasa da, yola gedər, ta ki, həmnişini və yoldaşı əhli-zövqü kəmal olsun. Şuşa şəhərində şair hər qisim əziyyət və cəfanı ancaq müsahib dərdindən qəbul edir: Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur -- Ki, həmsöhbət bizə ol növi-qövmi-bihesab olsun. Nə hasil əhli-səhra söhbətindən, abi-əngurun Gərəkdir neçə müddət şişədə qalsın, şərab olsun. Yenə Zakir başqa bir naməsində məsləhət üzü ilə Cəfərqulu xana yazır: Өzün bil, xani-valaşən, sözüm budur sənə əvvəl, Sənin həmsöhbətin daim gərəkdir xoşdəmaq olsun. Əbusiqəmtərir, karü kurü lal yoldaşdan Gərək adəm həzər etsin, gərək çox-çox iraq olsun. Xanın təbi-şeriyyəsinə rişxənd edib deyir: İyirmi gündə bir şeri deyincə «ya Əli» dersən, Gərək şair bizim Zakir kimi hazırcavab olsun. Yenə həzl təriqincə şair Cəfərqulu xana yazdığı bir kağızında xanın əxlaqü ətvarını və əhli-əyalı ilə və qohum-əqrəbası ilə nə növ rəftar etməsini filcümlə bəyan etmişdir. Haman kağızı xan Şuşa qalasında qaçaq olduğu əsnada yazmışdır ki, belə başlanır: Vücudi-lətifin, ey taci-sərim, Eşitdim Qələdə bərhəm olubdur; İztirabə düşüb bu macəradən, Tamam əhli-Şişə, pürqəm olubdur. Bu namənin axırından belə anlaşılır ki, xani-mərhum neçə vaxt imiş ki,öz əhli-əyalını və qohum-əqrəbasını nəzərdən salıb, onlara iltifat etməz imiş. Amma indi mərəzin şiddətindənmi və ya başqa bir illətin vüquundanmı tərəhhümə gəlib, onları başına cəm edib, haqlarında mehribanlıq göstərir: Qış günü Doyranda qalan əhli-beyt, Yay Əylisə məskən salai əhli-beyt, Didarına müştaq olan əhli-beyt Üzün görüb şadü xürrəm olubdur. Təəccüb eylərəm, allahü əkbər, Boyaqçının küpü azıbdır məgər Yüz ildi nəzərdən saldığın Yetər Tazədən sizinlə həmdəm olubdur. Qövmü qardaş düzülübdür yanına, Duagudur dövlətinə, şanına; Neyləsin, qarışıb qanı qanına, Fəqirlər sileyi-ərham olubdur. Otaqda qatıban qurunu yaşa, Yeyərlər, içərlər verib baş-başa; Biz görən tək deyil Abdulla paşa, Cürət bəhəm edib, ötkəm olubdur. Düşmüşdü nəzərdən müddət binəva, Çıxmalı deyildi üzə mütləqa; Neçə gündü saçı, saqqalı guya -- Külahi-Buxara tək püf-nəm olubdur. Өz xələfin gərək gözləyə kişi, Sağlığında ola alış-verişi; Hidayət ağanın düzəlib işi, Vəliəhdliyi möhkəm olubdur. Xan varisi lazimədir ola xan, İşləyə bəratı hər tərəf, hər yan; Gurginə dönmüşdü biçarə oğlan, Zahirən ki, indi Rüstəm olubdur, Mehrü məhəbbətin keçsə bu minval, Çıxar aralıqda olan qilü qal; Basqın qoşun kimi dağılan ətfal -- Yığılıb üstünə, sərcəm olubdur. Bu minval yenə bir neçə baməzə qafiyələr yazıb, axiri-kəlamda deyir: Yarımayıb bir kəs ömründə səndən, Mükəddər qayıdıb qapına gələn. Əsirgəmə feyzin, ey qibleyi-mən, -- Düşəndə Zakirə kəm-kəm olubdur. Yuxarıda isimləri zikr olunan möhtərəm şəxslərdən əlavə, mərhum Zakirin sair dost və aşnalarına bir çox əhəmiyyətli məktubati-mənzuməsi vardır ki, cümləsinin buraya küncayişi yoxdur. O məktublardan məşhuru Baharlı Mirzə İsmayıla, Zəngilanlı Məhəmməd bəy Behbud bəy oğluna, Sarıcalı Mirzə Mehdiyə, Quyular Əli bəyə, Böyük bəyə yazdığı namələrdir və bunlardan maəda mərhum Baba bəyə yazdığı «Car müqəddiməsi»dir və «Təbiblərin həcvi»dir. Bu iki axırkı əsərlərin barəsində müxtəsərən məlumat verməyn faydadan xali görmədik. Baba bəyə yazdığı «Car müqəddiməsi»ndən belə anlaşılır ki, Dağıstanda şuriş olan zamanı -- ki, qazi Məhəmməd əfəndi ilə Həmzə bəyin təhrik və iğvası ilə başlanmışdı, -- Car mahalında ləzgilər arasında dönüklük və üsyan büruz etmişdi. Onların müqabilinə rus qoşunundan maəda Şəki, Gəncə və Qarabağ xanlıqlarından dəxi atlı qoşun mühəyya olunub göndərilmişdi. Qarabağdan gedən nücəba sinfində Qasım bəy dəxi var imiş. Bunların sərkərdəsi Miklaçevski imiş ki, o davada çox hünər göstəribdir. Şair özü də bir gün davaya çıxıb ləzgi tutub: Mən özüm də bir gün çıxdım cövlana, Görməyibsən, yolum düşdü bu yana; Bir tüfəngli ləzgi mərd-mərdana Tutulub əlimdə giriftar oldu. O yerin meyvəcat və məhsulatını şair tərif edib deyir: Yer-yemiş babında misali-cənnət, Eşidibsən gendən özün də əlbət. Alma, şabalıtı yeyənə minnət, Hər çadıra girsən bir tağar oldu. Dımıq qoyun əti manəndi-şəkkər, Basdırma, qovurma hər şamü səhər; Bala barmaq batırmayır gədələr, İnək ayranından bimiqdar oldu. Sərasər əhvalı şərh etdim sizə, Qənimətü yəğma çıxıbdır dizə; Tarının bir lütfü budur ki, bizə, Nə bir yağış yağdı, nə də qar oldu. Bu «Müqəddimə»də lətifəli şer Qarabağ atlılarının bir parasının haqqında yazdığı sözlərdir ki, qoçaqlar döyüş və davaya çəndan həris olmayıb və ad-san qazanmaq fikrinə düşməyib, əsnayi-cəngdə ancaq öz canlarının qeydinə qalıblar: O ki, bizim atlılardan bir para Vermişdi özünü püşti-divara, Nə dəğdəğə çəkdi, nə düşdü dara, Bir az yoldaşından intizar oldu. Bu məktub və bundan başqa bir çoxları Adolf Bercenin məcmuəsinə daxil olmayıbdır. Qasım bəyin əsrində universitetdə təhsil edən və darülfünunun tibb şöbəsində məlumat kəsb edən təbiblər olmadığından, İrandan gələn və öz vətənimizdə nəşvü nüma tapan Əzrail ortaqları çox imiş. Şair bunların həcvində dostlarından birisinə yazır: Mənə buyurmuşdun Qələyə gəlsin, Yenə cuşə gəlib bəhri-iltifat. Sənin mərhəmətin, mənim ixlasım Mehri-münəvvər tək aləmə isbat. Qalmışam aranda müddəti-mürur, Təbiətə səfra eyləyibdir zur; İstər idim olam azimi-hüzur, Naxoşam, hərəkət eyləyib ixlat. Bağır oğlu Məmməd, Məşədi Hacı, Əliqulu, Müqim sərimin tacı, Hər mərizə eyləsələr əlacı, Ehtiyatın görün, tez olur məmat. Tiryək yedirirlər hər kim olsa diqq, Heyzədən aldırır xuni-basəliq. Yenə bu hal ilə o qövmi-zindiq -- Өzlәrin sanırlar Ərəstu, Bokrat. Falicə verirlər qürsi-təbaşir, Müstəsqayə abi-kasni-maşəir; Mərizin mərəzi yəni çəkə dir, Sahibin çaparlar üç qatü dörd qat. Nüsxeyi-tibbdə «şeş» oxur «şiş»i, Məlamətdən yoxdur qəmü təşvişi; Təşxisi-mərəzdə həmin danişi Budur ki, canı var, tərləsə mirat. Təbiəti-harrə xalis əngəbin, Qabizə süfufü yəhuda darçin, Bəlğəmi-mizacə tüxmi-xiyarin -- Münasib bilirlər daimül-övqat. Mərizin üstünə yetişən məhəl, Dərviş Kəlbi hazır olur əlbəəl Qədəmlərin guya katibi-əcəl Yazıbdır baisi-mövtü münacat. Fisqləri zahir manəndi-günəş, Həq bilir sözümdə yoxdu qəllü qəş; Yolları hər yerə düşsə, sayəvəş -- Yanlarınca gedər «əyyühəssəlat». Gah görürsən bir-birilə tapışır, Gah atlanıb hər tərəfə çapışır Lənü tən bunlar ilə yapışır, Necə ali-Məhəmmədə səlavat. Qələnin adamı yetdi yarıya, Necə ki, qoyuna ac qurd darıya; Az çəkər ki, məzar dəyər yarıya, Bu növ ilə eyləsələr hərəkat. Vilayətə salıbdılar şurü şeyn, Şərbət tək içirlər dəmül-əxəveyn; Bunların yanında qatili-Hüseyn Zimmədən bəridir ruzi-ərəsat. Bir kimsəyə ariz ola sədəmə, Baxmazlar fəqirə, yoxsula, kəmə, Qədəm götürməzlər həqqül-qədəmə, Ya on tümən pul gərəkdir, ya bir at. İmalədə yədi-beyzaləri var, Həqq üçün bir ondan başları çıxar; Mərəzi-digərdə, inanma, zinhar, Vüqufları ola, heyhat, heyhat!... Otuz il laəqəl gedib qoyuna, Bilfel çobandı, baxsan boyuna; Dağılmışda xub düşmüşük oyuna, Yetən olmadımı əhli-kəramat. Sən gör necə xərab olub zəmanə, Çəmənli Cəfər də mərdü mərdanə, O da təbib olub girib meydanə, Çölün çəngəlindən yığıbdı qat-qat. O ki, İsmailin saf azıb vazı, Gahi yerdə qılar ölü namazı, Gah tapıb özü tək bir annamazı İşə qoyar xah türkü xah tat. Gərək bu cahandan eyləmək həzər, Өz yerində deyil çünki xeyrü şər, Nə təbib, nə alim, Zakir, müxtəsər, Axtarasan yoxdu bir niksifat. Təsəllütü yoxdur «Töhfə»yə əsla, Bilməz nədir «Qarabadın» mütləqa; Ağızdan-ağıza öyrənib əmma «Tibbi-Yusifi»dən bir neçə əbyat. Zakirin əsrindən bu haladək az qalıbdır yüz sənə tamam olsun, amma məəttəəssüf, yenə də bizim biçarə «qara camaat» və avam xalq bu qisim tamahkar və avam təbiblərin çəngindən xilas olmayıblar. Bunlar əksər övqat mərəzi bilməkdə, yatalağı zatül-cənbdən təmyiz etməkdə aciz qalıb, bir mərəzin əlacü dərmanını başqasının haqqında istemal edirlər və yatalağı müsri mərəzlərdən hesab etməyib, mərizin qab-qacağını, rəxtixabını və yatacaq mənzilini ayırmırlar. Ol səbəbdən mərəz sağlara da sirayət edir. Bu qisim avam və zülmkar təbiblərin haqqında həqir sabiqdə Bakıda nəşr olunan «İrşad» ruznaməsinin 1906-cı sənəsində çıxan 108-ci nömrəsində «Əcəlsiz ölənlərimiz» sərlövhəsi ilə uzun bir məqalə yazmışdıq. Haman məqalədə mərhum Zakirin burada dərc olunan əbyatından bir neçəsini yazıb, şərhi babında bunu da əlavə etmişdik ki, bizim mayeyi-həyatımız olan dəhat əhli indi də sahibsiz və qeydkeşsiz cəhalət aləmində mütəhəyyir və sərgərdan qalmaqdadırlar, sadəlikləri və avamlıqları ucundan hər qisim bəlalara düçar olmaqdadırlar. Cümlə elm və mərifət kəsb etmişlərimizə borcdur ki, onların qeydinə qalıb, cəhl qaranlığından onları xilas etsinlər; nicatü səadətə çıxmaqlarına yol göstərsinlər. Vəli çox əfsus ki, darülfünunlarda təbabət elmini kəsb etmiş olan müsəlman təbiblərindən çox azı tapılar ki, kəndə getməyi özünə qəbul eləsin. Əksəri şəhərlərdə qulluq edirlər; o yerlərdə ki, onlarsız da təcrübəli və haziq təbiblər az deyil. Qara camaatımız yenə irəliki kimi bilkülliyyə elmsiz və təcrübəsiz tat ilə türk əlindən -- ki, əlhəqq əcəl saqiləridirlər,--badə nuş etməkdədirlər. Camaat pulu ilə ali məktəblərdə elm və bilik təhsil edənlərimizin müqəddəs borclarıdır ki, avam xalqın imdadına yetişsinlər və əcəlsiz fövt olmaqlarına mane olsunlar. Bundan əlavə, gərəkdir əhi-qələmimiz təbabətə dair kitabçalar rusdan tərcümə edib və risalələr tərtib qılıb, tavanalı şəxslərin həmiyyəti ilə çap etdirsinlər və məccanən xalq içində intişar eləsinlər. Bizim zənnimizə görə, biməzmun komediyalar və məişətimizə əsla münasibəti olmayan kitabçalar yazmaqdan belə risalələr artıq faydalıdır. Belə kəndlərdə və müsəlman mərkəzlərində əczaxanalar və xəstəxanalar açmaq da himmət və mərifət sahiblərinin baş vəzifələrindəndir. Zakirin şüğlü və sənəti mülkədarlıq və maldarlıq olduğuna görə, övqatını özünə mütəəlliq Xızrıstan kəndində əkinçilər və köçərilər ilə bir yerdə keçirərmiş. Onlar ilə yaz və qış müaşirət və müamilət edib, bir havada, bir övzai-mühit içrə dolanıb, özü dəxi bir növ tərəkəmələnmiş imiş. Onların ehtiyacını öz ehtiyacı və onların şadlığını öz şadlığı, onların qara gününü öz qara günü hesab edərmiş. Bu axır vaxta kimi bizim çöl bəylərinin əksəri bu növ güzəran edirlərdi. İndi bəylər və mülkədarlar başqa sayaqda başlayıblar dolanmağı. Өz halal kəsblərini və gözəl şüğllərini darğalara və nökərlərə vagüzar edib və kəndlərini buraxıb şəhərə köçüblər; günlərini bazarlarda, meydanlarda, qəhvəxanalarda və klublarda boş və bikar keçirməkdədirlər. Bəs, Zakir çox müddət milləti arasında yaşadığı üçün onun dilini dəxi mükəmməl surətdə bilirmiş və hər nə ki, hissiyyat və xəyalatından vücuda gəlibdir, təmamisini öz camaatının məişətindən götürübdür. Məsələn, şair ömrünün sinnə dolmuş çağında qocalığından şikayət edib, gözəl günlərin bihudə sərf olmasından və daim şərü şur ilə keçməsindən təəssüf və nalə edib deyir: Əfsus, günüm keçdi şərü şur ilə daim, Gəldi dəmi-rehlət. Tutmuş hələ dünyanı könül hirs ilə qaim, Tədbirinə lənət! Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim, Qaldım məni-həsrət. Çöldə Əli bəy, Təhdilidir Qələdə tayım, Onlar da kəmülfət. Çoxdur ədədi fövt olanın, hansını sayım? Məcmuuna rəhmət. Şairin xoşəxlaq və mülayim dostları bəqa gülşənində seyr etdikləri halda, özü dünyayi-dunu hirsü tamah ilə bərk tutubdur, ondan əsla əl götürmək istəmir. Dünyaya bu qədər aludə olmağı və onun yaxasından iki əl ilə yapışmağı şair böyük bir qüsur və nəfsin dəğdəğəsindən zühura gələn alçaq bir sifət bilib, onun tədbirinə lənət oxuyur. Şair çox qocalıbdır. Ağzında otuz iki dişdən ancaq üç-dördü qalıbdır, onlar da laxlayır və bir-birini tutmaz ki, bir şey çeynəyib uda bilsin. Hətta öz arvadı da ona məhəlgüzar olmur: Müddətdi düşüb diki-dərunum saf əməldən, Əfsürdəçirağəm. Bir loğmadan əfzun yeməzəm xövfü xələldən, Bu barədə dağəm. Birəğbət olub xahişim ətami-gözəldən, Guya ki, naçağəm. Fərq etməz idim bir zaman ayranı əsəldən, İndi bu sayağəm. Vay oldu ki, bir gün tükənə qənd ilə çayım, Alır məni xiffət. Çün qocaların, xüsusən, Zakirin əsrində zindəganlıq edən laqeyd və tənpərvər ağaların və mülkədarların ümdə fikir və xəyalları yemək və içmək olub, ol səbəbə şair münasibi-hal deyir: Batmış şikəmin aldı bizi heyvərə fikri, Doymalı deyil bu. Qış aş, plov dəğdəğəsi, yaz kərə fikri Bağrımız edər su. Köç vaxtı ulağ kəmliyi, dağü dərə fikri, Olmaz belə qiyqu. Ta çənd otaq dərdisəri, pəncərə fikri, Əndişeyi-bahu. Yekdir ki, ləhəd küncü ola köşkü sərayım, Sərmənzili-xəlvət. Çöl bəylərinin və ümumən kənd əhlinin işləri artıcaq çətinə düşür. Qış fəsli bərk gələndə, çovqunlu və qarlı ruzigar əsəndə bir yandan azuqə azalır, bir yandan ot-ələf tükənib çarpa arıq düşür, bir yandan da odun tapılmır. Hər adam örkən və çatı götürüb, odun dalısınca kola-kosa tərəf yüyürürlər. Bir növ şuriş və vəlvələ düşür ki, guya qiyamət bərpa olubdur. Çöl xalqının belə pərişan halını şair ziyadə məharət ilə nəzmə çəkir, sanki onlar göz önündə durublar. Şairin öz kəlamına rücu edək: Çöl xəlqinə bir il gələ gər qış gələ qatı, Lağər düşə çarpa. Yeksər qarışır bir-birinə türk ilə tatı, Aşuradı guya. Hər kəs götürür dəstinə bir örkənü çatı, Hiyzüm qıla peyda. Gözlər ki, bitib ot, kökələ camışü atı, Arxayın olub ta. Gəh-gəh deyə, ey ilxıçı, qırxıldımı dayım? Nə eyş, nə rahət? Qasım bəyin başqa qisim əşarü asarına gələndə kəmali-cürət ilə demək olar ki, bunların dəxi təmamisi eybü nöqsandan xali, ziyadə mövzun və həqiqi hissiyyatdan nəşət etmiş kəlamlardır. Onlardan nümunə olaraq bir neçəsi burada dərc olunur. MÜXƏMMƏSİ-ZAKİR Görün bu çərxi-dunpərvər nə babət ruzigar eylər, Çəkib ağuşuna hər nakəsi kamil əyar eylər, Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar eylər, Mənim könlüm rəqibin tənəsindən çox qübar eylər, Açıb dərdi-dili-pünhani xəlqə aşikar eylər. Açıb ibrət gözilə bir nəzər qılsan bu dövranə, Hücumi-məsiyət rəxnə salıbdır mülki-imanə, Olub ifritəpərvərlik dəxi yaği Süleymanə, Pərilər taət eylər sidq ilə quli-biyabanə, Görən fərzanəvu aqil necə səbrü qərar eylər. Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyami, Edirlər fisq zahir, kimsə çəkməz xövfi-bədnami, Deyərlər qaziyə böhtan, bəzərlər şeyxülislami, Soran yoxdur münəccimdən: nədir bu əmrin əncami -- Ki, hər mahi-məhərrəmdə bular bir səngsar eylər? Oturmuş makiyan indi xorusun xanədanında, Şükuhi-səltənət etmiş dəxi xan xanimanında, Qərəz, bir xarü xəscə sayə yoxdur asitanında, Qəza bu növ ilə şahbazı axır aşiyanında -- Salıb dami-bəlayə, aşiyanın tar-mar eylər. İlahi-görməsin gözlər bu əhvalı ki, mən gördüm! Süleyman barigahın payimali-Əhrimən gördüm, Məvalilər müsəllasın kinişti-bərhimən gördüm, Nişiməngahi-tərlanda, xudavənda, dünən gördüm -- Yığılmış bir neçə zağü zəğən hər yan şikar eylər. Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü zibani, Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsani, Zühur et, ey şəriət təxtinin şayəstə sultani, Götür bürqə cəmalından, münəvvər eylə dünyani, Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər. Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın, Çəməndə dağıdıb bərqi-həvadis səbzə yığnağın, Edib viranə takın bar içində zərnişan tağın, Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın, Görüb biçarə bülbül arizuyi-novbəhar eylər. Tərəhhüm görmədim munda mən ol bimehr canandan, Dəyəndə sinəmə yüz min xədəngü tir müjgandan, Pərivəşlər məgər sormaz xəbər hali-pərişandan, Görünməz xiymeyi-Leyli, köçüb getmiş biyabandan, Qalıb Məcnuni-sərgəştə, qan ağlar, ahü zar eylər. Təriqi-eşqdə mən olmuşam Fərhadə həmpəhlu, Deyil vaqif mənim halımdan ol Şirin-rəhi-bədxu, Rəqibi-bimürüvvətdən, bilir həq, çəkməzəm qayğu, Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu, Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər. Təğafül bilməzəm mən xubrulərdə nə adətdir -- Ki, çəkməzlər qəmi-üşşaqı bir dəm, bu nə söhbətdir? Qərəz, bir guşeyi-çeşm ilə baxmaq eyni-dövlətdir, Bəlalı başlar üzrə sayə salmaq çox səadətdir, Məhəbbət görsə aşiq, yar yolunda can nisar eylər. Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrandır, Bu dövranda onunçün kim, gədavü şah yeksandır, Əgər künci-fəraqət istəsən, bir gənci-pünhandır, Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır, Əlaci-dərdimi axır mənim ol həştü çar eylər. Qasım bəyin bu kəlamı Molla Pənah Vaqifin «Mən cahan mülkündə mütləq doğru halət görmədim» şerilə başlanan müxəmməsinə mənən çox oxşayır. Hər iki şair ruzigari-kəcrəftarın və dövrani-dunpərvərin qəddaranə gərdişindən ahü nalə edib, öz əsrlərinin keyfiyyəti-halını bəyan qılırlar. Hər iki şair batilin haqqa, əyrinin doğruya, məsiyət və şərarətin zöhdü təqvaya, zülmati-cəhalətin nuri-hidayətə, büxlü həsədin mürüvvət və ədalətə, çirkinliyin hüsnü lətafətə qalib gəlməsini müşahidə və müayinə edib, alitəbləri dənilər və şəyyadlar pəncəsində dəstgirü məğlubü pərişanhal görürlər. Sahibi-şəriətə və hadiyi-hidayətə üz çöndərib, ondan kömək diləyirlər. Vaqif deyir: Ya imaməl-insü vəlcinnü şəhənşahi-ümur, Getdi din əldən, bu gündən böylə sən eylə zühur, Qoyma kim, şeytani-məlun eyləsin imanə zur, Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur. Kim, şəriət məşəlində istiqamət görmədim! Zakir deyir: Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü zibanı, Seçən yoxdur müsəlmandan yəhudü kəbrü tərsanı, Zühur et, ey şəriət təxtinin şayəstə sultanı, Götür bürqə cəmalından, münəvvər eylə dünyanı, Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər. Vaqifin şikayəti məhz Adəm atanın çiy süd ilə pərvəriş tapmış övladındandır. Zəmanə onları bietibar və bimürüvvət edibdir. Xeyir əvəzinə şər, yaxşılıq əvəzinə pislik, düzlük yerinə əyrilik etməyi özlərinə şüar ediblər. Vaqif dünyayi-dundan sair məxluqa yetişən afətü bəladan bir növ imani-nəzər qılıbdır. Amma Zakir öz fəna halı ilə məən gülüstanın solmuş bağ və bağçasına və səhra-çəmənin pozğun halına və pərişan övzaına diqqət yetirib, öz hüznü ələminə onları da şərik edir. Necə ki, şair hali-dilini xeyrü sürura təbdil etmək üçün «şəriət təxtinin şayəstə sultanı»nı arzu edir, habelə də gülüstan və çəmən qəzəlnəvası bülbülün dilindən bahari-aləmaranın tez yetişməsini ilhahü təmənna eləyir. Əzbəs ki, səmumi-sərsəri-dövran bağü səhranın nizamü növrağını pozubdur: Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın, Çəməndə dağıdıb bərqi-həvadis səbzə yığnağın, Edib viranə takın bağ içində zərnişai tağın, Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın, Görüb biçarə bülbül arizuyi-novbahar eylər. Yenə müxəmməsi-Zakir: Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün, Sərasər hər biri üşşaqə bir dami-bəla zülfün, İki şəhmarə bənzər gənci-hüsnündə düta zülfün, Bulanır hər tərəf, qovlar məni əfinüma zülfün, Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün. Tutubdur səhni-duşində arasın həm solü sağın, Enib payində övsafın edər təqrir yaylağın, Pərişan etmisən cəmiyyətin düzmək bu yırnağın, Əcəbdirmi çəkəndə rövşən eylər çeşmin üşşaqın, Dəmadəm xaki-payindən götürmüş tutiya zülfün. Sürahi gərdənin, əmma miyanın özgə babətdir, Qiyamətdir qədin, əmma bəsi biistiqamətdir, Həzər qıl bədnəzərdən, gəzmə bipərva, əmanətdir, Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir? Dedi ki, xoş bilir məndən işin badi-səba zülfün. Uca şanlılara, ey dil, yaraşır kəmtərin olmaq, Səadətdir həmişə sahibi-caha qərin olmaq, Deyil, söyləşmək ilə mümkün əsla nazənin olmaq, Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq, Budur vəchi düşər pabusuna misli-gəda zülfün. Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər, Өzü pür-piç, ucları, dümi-əqrəb kimi çənbər, Uzandıqca uzanır ömrü, yoxsa, ey pəripeykər, İçib ləli-ləbindən Xızrvəş maül-bəqa zülfün? Dolannam başına şamü səhər manəndi-pərvanə, Deməzsən bir görün necə keçir əhvali-divanə, Bu qədr cövrü zülm insan edərmi, zalım, insanə? Nə müddətdir düşübdür dəlvi-dil çahi-zənəxdanə, Nola çəngal ilə bir dəm çəkə müşgülgüşa zülfün. Kəmali-hüsndür gisuyi-mişkin səfheyi-rudə, Ziyası əncümün əfzun olur şami-qaranqudə, Su içrə bir siyəhgun marə bənzər əksi güzgudə, Cəfasından deyil hindü həbəş bir ləhzə asudə, Xətasından deyil eymən dəxi Çinü Xəta zülfün. Cahan içrə sənin tək dilbəri-xoşxəttü xal olmaz, Səmənbu, mahru, şəkkərşikən, şirinməqal olmaz, Süxənçin olmayan aləmdə, mütləq, payimal olmaz, Arasında belin mucə kəmərlə qilü qal olmaz, Miyanzənlik təriqin ortaya ta salmaya zülfün. Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun, Düşəndə rişteyi-nəzmə çəkərdim bəs düri-məknun, Künun sövdayi-eşqi bir məhin etmiş məni Məcnun, Dəxi məndən təvəqqe etməsin əşari-xoşməzmun, Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün. Müəşşərat növi kəlamından birisinin iki əvvəlinci və bir axırıncı bəndlərini burada yazmaqla iktifa edirik. Ortadakı iki bəndləri bəzi səbəblərə görə buraxırıq. Şair özü də əndazədən çıxmağa müqirr olub deyir: Dilbərin seyrə çıxmaq babında: Küstaxlıq oldu, mənə düşməzdi bu əsla, Endim çox aşağə.... Zakirin müəşşər kəlamı: Əzm etdi səhər naz ilən ol sərvi-dilara Seyr etməyə bağə, Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyya Yeksər bu sorağə. Şəbnəm birlə yüz göz açıb hər çiçək Keçdi solü sağə. Ruxsarına əvvəlcə edim diyü təmaşa Gül çıxdı budağə. Payinə nisar etmək üçün laleyi-həmra Dürr tökdü tabağə. Sərməst gözün görgəc özün nərgisi-şəhla Bənzətdi naçağə. Pişvazına şümşadü sənubər, dəxi tuba Dik durdu ayağə. Tutdular o şahi-şərəfin cümlə sərapa Yolunu çirağə. Hər birisi bir töhfə ilə yeksərü yekca Daşlandı qabağə. Kimdir ki, nisar eyləməyə varını aya, Ha böylə qonağə?! Xacə, belə sövda, belə bazar ələ düşməz, Fərş eylə dükanı. Bu sayiqi-sadə, meyi-gülnar ələ düşməz Novruz zamanı. Həm mütribü ney, çəngü dəfü tar ələ düşməz, Sür eyşi-cəvanı. Çün dövr müxalifdi digər yar ələ düşməz, Çaldır aşuranı. Ver şüğlünü Şəhnazə ki, zinhar ələ düşməz, Çək övcə sədanı -- Dügahü Segah, iç meyi, təkrar ələ düşməz Gərm eylə həvanı. Ahəngi-səfabəxşü xoşətvar ələ düşməz, Çün əhli-İranı -- Axtarmaq ilə mövsümi-gülzar ələ düşməz, Azərbaycanı. Hicazə, Nişaburə onu eyləmə həmta, Həm mülki-İraqə. Zakir, tələbi-rifət ilə olma cigərxun, Ver halına təğyir. Hər vəqt qəmi-dəhr səni etsə digərgun Aşüftəvü dilgir, İç saqiyi-gülçöhrz əlindən meyi-gülgun, Heç eyləmə təqsir. Bir vasitədir dəfi-qəmi-dəhrə bu məcun, Lazımdımı təqrir? Ol vəchdən eylərlər ona rəğbəti-əfzun, Həm novrəsü həm pir -- Kim, birdir onun bəzmiara müflisü Qarun, Nə fərq, nə tövfir. Gördüm yazılıbdır qədəh üstündə bu məzmun -- Kim, badədir iksir. Feyzindən olur zar gəda, sahibi-milyon, Həm şahi-cahangir. Gər cəm oluban eyləyə Loğmanü Fəlatun -- Yüz fikr ilə tədbir, Bir çarə meyi-nabdən özgə dəxi qəta -- Yox dərdi-fəraqə. Bu müəşşəri-müstəzadında Zakir muğamatların bir çoxunu cinas səbkində zikr qılıbdır. Bu qisim şer deməkdə onun artıq məharəti var imiş. Onun təcnislərindən bir neçəsi aşağıda yazılacaqdır. Qəzəliyyata gəldikdə, demək olar ki, Qövsidən sonra Zaqafqaziya şüərası arasında Zakirdən gözəl və xoşməzmun qəzəl yazanı olmayıbdır. Qəzəl yazmaqda mərhumun yədi-beyzası var imiş. Onlardan bir neçəsini oxucuların nəzəri-mərhəmətlərinə təqdim edirik ki, özləri mütaliə buyurub və qeyrilərin bu növ kəlamları ilə tutuşdurub, təşxis və təmyiz etsinlər. Qəzəli-Zakir: Hüsni-nigar əhli-nəzər afitabıdır, Qoymaz, nə sud, görməyə, gisu səhabıdır. Təbxi-qəza üçün mücəmi yandırın -- dedim, Təbbaxi-yar tulladı kim, çubi-abıdır. Badi-səhərlə nikhəti-zülf üstə şanənin -- Өmri-dirazdır arada inqilabıdır. Pamal olursan, etmə sərazir, çox dedim, Tutmadı zülf pəndimi, çəksin, əzabıdır. Qəmzən xədənginə çəkib üşşaq bağrını, Guya həlal mürci-şikarı kəbabıdır. Ləb şəhdi-əngəbin, xəti-novdur sipahi-mur, Qəd sərvi-bağ, kakili-mişkin qürabıdır. Püstani-yardır görünən çaki-sinədən, Ya cənnət içrə çeşmeyi-Kövsər hübabıdır? Dün sübh şanə səxt dəyib tari-zülfünə, Dildə hənuz şol əsərin piç-tabıdır. Buyi-vəfa verir, necə mən ondan əl çəkim? Gülgun sirişk bərgi-məhəbbət gülabıdır. Gər qətli-am istəsə mücgani-çeşmi-məst, Qövsi-qüzeh qaşın ona tiri-şəhabıdır. Gül dəftərin tökübdü səba, zahirən bu gün Biçarə bülbülün yenə baqi hesabıdır. Өvraqi-ləlin açmağa etdim həvəs, dedi: Bilməzsən onu, elmi-müəmma kitabıdır. Saqi, şərabi-nabını get qeyrə ərz qıl! Zakir o şux nərgisi-məstin xərabıdır. Qəzəli-Zakir: Dün hökm qıldı qətlimə ol şəh itab ilə, Şad eylədi gədasını bu xoş cəvab ilə. Olsun qara günü görəlim qanlı qəmzənin, Өldürmәdi məni, yenə qoydu əzab ilə. Zülfi siyahlər qəmini şam ta səhər -- Өmri-dirazdır çəkirəm piçü tab ilə. Gündüz üzün qəmi, gecə zülfün keşakeşi, Asayişim nə xurd ilə hasil, nə xab ilə. Өldürmәsәn, nə sud mənə bərqi-tiğdən, Mümkün deyil ki, sir ola təşnə sirab ilə. Ol gül üzardə ərəqin xoş səfası var, Türfə budur ki, saziş edər atəş ab ilə. Zakir o şux nərgisi-məstin xərabıdır, Ha böylə sərxoş olmaq olurmu şərab ilə? * * * * * Cahan içrə mənim bir səngdil, bimehr mahım var, Büti-peymanşikən, bir şuxçeşmi-kəcnigahım var. Yolunda dürrlər sərf eləyibdir mərdümi-çeşmim, Olurmu göz-gözə danmaq, iki adil güvahım var. Nigarım zülf tək qoymaz düşəm pabusuna bir dəm, Pərişan halım ondandır, əcəb bəxti-siyahım var! Mənə mehrabü mənbər vəsfini təkrar edən vaiz Utanmazmı, baxıb görsə bu surət qibləgahım var? Könül şəhrin çapıb yəğmaladı qəm ləşkəri, Zakir, Neçün imdad qılmaz, bəs deyirdin padşahım var? * * * * * Dün eylədim nəzarə bəsi lalə dağına, Gəlməz o dağ daği-dərunum ayağına. Gəlmişdi bəhsə teyyi-mərahil edib günəş, Qoydu ruxün yetən kimi eynin bucağına. Bir pakzadi-nadirəsən, almayıb hənuz Sən kimi tifli madəri-kiti qucağına. Ver guşmal möhrə ki, çox xudnümalənir, Əzbəs ki, bir pul adı dəyibdir qulağına. Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram Bərki-hənavü gül dolaşa əl-əyağına. Өmri-dirazdır çəkirəm zülf rəncəsin, Bir tari-muyi keçmədi könlüm darağına. Əksi-ləbin səadətini bulmasaydı mey, Meyl eyləməzdi hiç kəs ol qan çanağına. Versin, nə növ hadisə üz versə Zakirə, Müşküldü səbr yari-əzizin fərağına. * * * * * Can cilvələnir qaməti-mövzunu görəndə, Dil tazələnir arizi-dilcunu görəndə. Zənciri-cünunə birə yüz rəğbətim artar, Ruxsarı üzə zülfi-pürəfsunu görəndə. Pürpiç oluram hər dəm oda düşmüş ilan tək Ol arizi-gülnardə gisunu görəndə. Dağıldı xiridari-qəmi-eşqin olanlar, Bu mərdümi-çeşmim tökən altunu görəndə. Gəlmişdim edəm mərdümi-çeşminlə müdara, Bildim ki, düzəlməz bu iş əbrunu görəndə Xunxarəliyi eyb deyil nərgisi-məstin, Hər kim ola, qaynar qanı gülgunu görəndə. Ey əhli-hünər, cəm deyil Zakir həvası, Eyb eyləmə şerindəki məzmunu görəndə. * * * * * Fəsli-bahar gəldi, könül, künci-bağ tut. Möhnət bizi ayaqladı, bir dəm əyağ tut. Təsbih tarını neçə gün alma dəstinə, Dəsti-lətifi-saqiyi-simin sağ tut. Tök cami-zərnigarə şəfəqgun badəni, Yəni fəraq şamına rövşən çirağ tut. Zar eyləmişdi xalqı fəğanü nəvalərin, Bir gəz özün də nayü nəvayə qulaq tut. Өz adətincə hər kəsə versən şərabi-nab, Növbət mənə yetəndə, əzizim, çanağ tut. Çək yanına təmamiyi-təqvavü taəti, Şəbanın axirinəcən bizdən qıraq tut. Zakir, köç eylə, mənzili-məqsudə vasil ol, Dünyanı bir ribat, özünü bir qonaq tut! Zakirin vəsfi-dilbər və mədhi-gözəl babında yazdığı mürəbbeat və qafiyələr Molla Pənah Vaqifin əşarı kimi açıq və sadə dildə yazılmış, təbii hissiyyatdan və dəruni zövqdən vücuda gəlmiş kəlamlardır. Onlardan bir neçəsi nümunə üçün aşağıda yazılır. Qarabağ hakimi Mehdiqulu xanın kərimeyi-aliyəsi Xurşidbanu bəyimin naxoşluğu halında yazdığı kəlam: Ey bürci-səltənət mahi-ənvəri, Düşməyəsən görüm ziyadən səni! Gecə-gündüz həqdən budur diləyim Hifz eləsin yaman bəladən səni! Sipehri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Gülşəni-Xəlilin nihalı sənsən, Barvər istərəm xudadən səni. Məsihi çıxardan övci-əlayə, Salan üftadələr başına sayə, Yetmişdə İshaqı verən Sarayə, Qurtarsın bu rəncü inadən səni. Bəstəri-möhnətdə bixürdü bixab, Kimdir, aya, razı çəkəsən əzab, Ol saqiyi-Kövsər eyləsin sirab, Əzizim, daruyi-şəfadən səni. Çubi-Çini nədir, qibləsən, nəsən, Təəccüb eylərəm bu əhvalə mən; Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadən səni. Səqfi-sərayını, ey güli-novrəs, Həddi nədir edə nişimən məkəs? Tərcih verə gərək aqil olan kəs İsmətdə yüz huriliqadən səni. Tikilən evlərə atandır səbəb, Payəndazın olsa canlar nə əcəb! Cami-bəzmi-eyşin daim ləbaləb, Qalmayasan zövqü səfadən səni! Bu nə keyfiyyətdir, bu nə macəra, Rəyincə dolanmaz təqdiri-qəza? Pədəri-mərhumun hər sübhü məsa Günilərdi badi-səbadən səni. Şikəstə Zakirə veribsiz əmək, Əmək bilməyəni kor etsin nəmək! Neçə ki, baqidir həyatı, gərək Unutmaya xeyir-duadən səni. Bu kəlamdan anlaşılır ki, şairin Xurşidbanuya artıq ixlas və iradəti var imiş ki, belə xoşməzmun və gözəl şerlər ilə ol səltənət bürcünün mahi-münəvvərini tərif və tövsif qılıbdır. Xurşidbanu bəyim isə həqiqətdə nəcabət və hüsni-məlahətdən maəda elm və kəmalı ilə dəxi öz zamanının bərgüzidəsi olub, hər qisim tərifü təhsinə layiq bir vücud idi və özünün də təbi-şeriyyəsi var idi. Bir çox gözəl qəzəlləri vardır ki, öz mövqeyində onlardan bəhs olunacaqdır. Zəmanə Zakirin yarını pərişan və digərgun etməyi barəsində: Dün düşdü güzarım yarın kuyinə, Dərdü qəm çövrəsin alıbdı gördüm. Soruşdum əhvalın, cavab vermədi, Gözləri yaş ilə dolubdu gördüm. Ahü zar çəkməkdən yox olub varı, Ayinəsin tutmuş möhnət qubarı; Əyyami-xəzana dönüb baharı, Saralıb gül rəngi, solubdu gördüm. Kamana dönübdü qaməti-mövzun, Əhvalını fələk edib digərgun; Gecə-gündüz ağlamaqdan əşki-xun Almas kiprikləri yolubdu gördüm. Hanı ol mən görən əhmər yanaqlar, Müsəlsəl giysular, nərmin buxaqlar? Təravətdən düşüb qönçə dodaqlar, Deyib-danışmaqdan qalıbdı gördüm. Zakir, xarab olsun belə zəmanə, Həmişə yaxşılıq verir yamanə: Yar ilə qolboyun gəzdiyim xanə -- Dağılıbdı, bərbad olubdu, gördüm. Yarın fəraqü həsrətində yazdığı qafiyələr: Qadir allah bir də səbəb salaydı, Bəyaz çəbinində tağı görəydim. Sürtəydim üzümü gülgəz yanağə, Siyah zülfü, tər buxağı görəydim. Səs-səsə verəydi həzarə bülbül, Düşəydi payinə bənəfşə, sünbül; Xuraman-xuraman, əllərində gül Gəzəydik hər tərəf bağı, görəydim. Bu dövran dolanıb, zəmanə dönə, Tarının kərəmi olaydı mənə; Oturub səninlə dizbədiz yenə -- Deyib, gülüb, danışmağı görəydim. Dərdü qəm çəkməkdən qan olub cigər, Gətirən yox nazlı yardan bir xəbər; O qədərə ölməyəydim, müxtəsər, Yenə o gördüyüm çağı görəydim. Zakirəm, çəkərəm cövrü cəfanı, Yadlar ilə sürər zövqü səfanı; Nə gərək sevəydim ol bivəfanı, Nə də belə hicran daş görəydim. Vəsfi-dilbər babında yazılmış qafiyələr: A ləbləri badə, ağzı piyalə, Bir söz desəm, olma bidəmağ, sana! Dolanım başına, daha yaraşmaz Yadlar ilə deyib-danışmaq sana. Əcəb bihəyadır çərxi-kəcrəftar, Hər ayda bir hilal eylər aşikar; Şəksiz sənin ilə ədavəti var, Onunçün göstərir qaş-qabaq sana. Mədənisən felin, nazü qəmzənin, Bərabərin yoxdur aləmdə sənin Təhrik eyləməsə səba, qönçənin -- Ağzı nədir aça dil-dodaq sana?! Cəvahir qolbaqlar bəyaz biləyi -- Gahi qucar, gahi eylər hənəyi; Behiştin hurisi, göyün mələyi -- Yetişməz, yüz çala əl-ayaq sana. Zakirəm, eylədin əqlimi zail, Olmaz belə surət, belə şəmayil; Elə mən deyiləm hüsnünə mail, Göz dikibdir tamam Qarabağ sana. Təcnisi-Zakir: Өmürlәr sərf edib, canlar üzməmiş Həmdəm olmaz, ey dil, oturan sana. Mənzili-məqsudə yetmək istəyən Həzrəti-Musa tək o Turan sana. Cigər yandı hərarətdən yəx arac, Şirin canım qəm oduna yaxar ac; Zülfün alır Hindü Çindən ya xərac, Bəndeyi-fərmandır o Turan sana. Sən ağasan, mənəm sənin öz gədən, Dil mürğünə verə bilməz özgə dən; Dəli könül, umub-küsmə özgədən, Aləm bilir odur ot uran sana. Uca dağlar dərdim ilə yar olmaz, Bir sinəyə ox dəyməsə, yarılmaz; Əbəs yerə cəfa çəkmə, yar olmaz -- Rəqib ilə durub-oturan sana. Görməmişəm zülfün kimi tərlanı, Xəstə cismim şəfa tapar tərlanı, Zakir, qəsdin tutmaq isə tərlanı, Çəkilib bir küncə otur, an sana. Zakirin bu qisim təcnisləri az deyil. Biz ancaq birini yazmağa iktifa etdik. Təcnislərdə məna ləfzən gözəl mədhində tərtib olunmuş qafiyədirlər və lakin bəzi ləfzlərin tələffüzdə bir-birinə şəbahəti və oxşayışı çox isə də, mənaları ayrıdır və bir parası çox çətinlik ilə fəhm olunur. Bu cür kəlamlar şairin vətən dilini yaxşı bilməyinə şəhadət verir. Farsların ... Sədisi və rusların Puşkini öz ana dillərinin ustadı və xaliqi mənzələsində olduğu kimi, Zakirdə Azərbaycan türklərinin ustadi-lisanı olmağa haqlıdır. Dilimizin hər qisim üslub və şivəsinə və tərzi-mükaliməsinə bələd və aşina olduğu mütəəddid əsərlərindən görünür. Əgərçi Zakirin nəsr ilə yazdığı bir əsər də olsa, biz təsadüf etmədik, vəli bəzi şəxslərin rəvayətinə görə, Mirzə Fətəli Axundov tərtib qıldığı «Hacı Qara» komediyası Qasım bəyin nəticeyi-xəyalatıdır ki, nəsr ilə yazıb mirzeyi-mərhuma təqdim edibdir. O dəxi məzkur vaqeəni «Sərgüzəşti-mərdi-xəsis» ünvanı ilə indiki dona salıbdır. Bu qövlün haqq və batil olmasını ravinin öhdəsinə həvalə edirik596. Amma şair özü də nəsrə mahir olmasını bir kəlamında yad edir: Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun, Düşəndə rişteyi-nəzmə çəkərdim bəs düri-məknun, Künün sövdayi-eşqi bir sayaq etmiş məni məğmun, Dəxi məndən təvəqqe etməyin əşari-xoşməzmun, Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün. Başqa bir şerində Zakir öz təbiəti-şeriyyəsinin vəsfində məşuqəsinə xitabən deyir: Qoyma əğyarı səri-kuydə məva tutsun, Aşiqi-sadiqini bülbüli-şeyda tutsun. Zakirin kimi onun sövti-qəzəlxanımı var? Təbi-mövzunumu var, şeri-nümayanımı var? Eşidən incir onun tərzi-nəvasın görcək, Şivəsi cəngü cədəl, naləvü əfğanı kələk. Bununla belə Zakir sair şüəra kimi özünü çox öyüb tərif edən və təbiəti-şeriyyəsi ilə iftixar edən şairlərdən deyil və biləks özünün üftadə və şikəstə nəfs və əhli-təvaze olduğunu bir çox asarında zikr qılır və əksəriyyətən qəzəllərinin axırını «şikəstə Zakir» deməklə xətm edir: Qəmü möhnət yükün aləmdə yoxdur çəkməyən, əmma -- Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş. Matəmi-seyyidüş-şühəda və əhvalati-cansuzi-Kərbəla Zakirə, müttəqi və övladi-rəsul olduğu üçün, ziyadə təsir edərmiş. Bu cəhətə ol mərhum bir neçə növhələr bu qissəyə dair inşad qılıbdır. Onlardan birisini --ki, imam Hüseyn əleyhissəlamın həmşireyi-möhtərəməsi Zeynəbi-ələmpərvərin hali-pərişanına şamildir, --burada yazmağı lazım gördük. Növheyi-Zakir: Bu nə mahdır ki, həddən keçib iztirabi-Zeynəb? Fələk üzrə mahü mehri elədi kəbab Zeynəb. Yox ümidi-sübh hərgiz üsərayi-qeydi-şamə, Nə yaman qirani-nəhsə düşüb afitabi-Zeynəb? Dedim əndəlibi-zarə ki, nə ahü-zardır bu? Dedi: bu fəğanə bais ələmi-cənabi-Zeynəb. Dəxi lalədən soruşdum: niyə dağidar olubsan? Dedi: yandırıbdı bağrım o evi xərab Zeynəb. Gülü, sünbülü çəməndə bu gün əşkbar gördüm, Oları edib pərişan yəqin inqilabi-Zeynəb. Bu bəlalı çöldə qönçə necə bürqəvar olsun -- Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb. Өzün etsə qərqeyi-xun, nə əcəb, o, qətlgahda Bədəni-Hüseyni göz-göz görə çün cənab Zeynəb. Deyil özgə ğazə hacət bunun əllərin haman dəm Dəmi-Qasim ilə eylər necə gör xizab Zeynəb. Götür zivəri aradan ki, fəğani-şanə qoymaz Səri-zülfi-novərusə verə piçü-tab Zeynəb. Yetişibdi bir məqamə işi sərburəhnə Şamə Gedər, üz tutub məkəsdən eləyən hicab Zeynəb. Nə rəvadı küçə-küçə gəzə rugüşadə, ey çərx, O öz əksi-qamətindən edən ictinab Zeynəb?! Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer, Neçə gündü Kərbəlada nə xuru nə xab Zeynəb. Qamu şiənin günahın sən özün bağışla, ya rəb, Bedili-qəmini-Gülsüm, beruxi-pürabi-Zeynəb. Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən Behəqi-fəğani-Zəhra, behəqi-əzabi-Zeynəb. Bu vaxta kimi nə qədər ki, dəşti-Ninəvada vüqua gələn faciə barəsində və xüsusən əhli-beyti-seyyidüş-şühəda haqqında növhələr deyilibsə, heç bir şairə bu zəriflikdə, bu dərəcədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır. Əndəlibi-zarın ahü naləsini, lalənin dağdar olmasını, gülün və sünbülün çəməndə pərişan və əşkbar olmasını, qönçənin boynubükülü və ağzıyumulu qalmasını şair bir-bir sual edib, illət və baisini xəbər aldıqda hər birisi zəbani-hal ilə cavab verirlər ki, onları bu fəğana gətirən, belə dağdar qılan, pərişan hala salan Şami-şuma əsirvar, biniqab gedən cənab Zeynəbin qəmü ələmi olmuşdur. Sonradan şair çərxi-cəfapişəyə xitab edib deyir: Nə rəvadır səndə, ey çərx, öz qamətinin əksindən hicab edən Zeynəb ruküşadə küçələrdə gəzsin? Zəmin və asiməna üz tutub deyir: Nə həyadı səndə, ey key, nə vəfadı səndə, ey yer, Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb. Mərhum Qasım bəy Zakirin əsərlərindən və sərgüzəştindən bu qədər yazdığımıza burada iktifa edirik. Bununla belə çox arzu edirik o mərhumun dostu Axundov Mirzə Fətəliyə yazdığı divani-əşarı çap oluna idi, haman səbkü qayda üzrə ki, şair onu tərtib qılıbdır. Məzkur divanda çox türfə qəzəllər və gözəl əsərlər vardır ki, cümləsini burada dərc etməyə imkan yoxdur. Zakirin divani-əşarı ədəbiyyat xəzinəmizin ziqiymət bir daşı mənzələsində ola bilər. * * * Qarabağ-Şuşa şəhəri Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş. Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur. Mərhum Mirzə Cəmal öz tarixində Pənahəli xanın abavü əcdadı şənində belə yazır: Pənah xanın ata-babaları həmişə Cavanşir elinin içində məşhurü məruf və sahibi-ismü rəsmü nan və sahibi-hörmətü dövlətü ehsan olublar. Atasına İbrahimxəlil ağa deyərlərmiş. Çox qövmü qəbilə və əqrəbavü arxası çox olan şəxs imiş ki, dövlət və neməti bipayan və avazəsi və şöhrəti məzkurul-lisan olmuş, necə ki, Ağdamda Tağbənd damı və divarı və Arasbarda çarpasının mərateyi və asarı və yaylaqda dəxi İbrahimxəlil ağa qalaqı (qalası), məşhur olan imarəti və nişanəsi vardır. Bunların hamısı onun sahibi-dövlət və hişmət olmağına dəlil və şahidi-biədildir. Zəmani ki, Nadir şah Əfşar indiki Zaqafqaziya vilayətlərini--ki, ibarət ola Gəncə, Tiflis, Qarabağ, Şirvanat və sair yerlərdən,--öz təsəllütünə götürdü, öz adət və qaydasına görə hər bir el və oymağın içində bir rəşid, qoçaq və kardan adam olsa idi, onu gətirdib öz hüzurunda xidmətkar edərdi və ləyaqətinə görə ona mənsəb və məvacib verərdi, o cümlədən Cavanşir elindən dəxi İbrahimxəlil ağanın qabağınca böyük oğlu Fəzləli bəyi və onun vəfatından sonra Pənahəli bəyi gətirdib hüzurunda xidmətkar elədi. Tezliklə onun ziyadə fərasətli və rəşid olmağını görüb, hüsni-xidməti və sədaqəti əvəzində məvacib və rütbəsini artırdı və ol vaxtlarda Rum qoşunu ilə--ki, Abdulla paşa Köprülüoğlunun sərkədəliyində idi,--Nadir şahın neçə yerlərdə böyük davaları vüqua gəlibdir və bu davalarda Pənah xanın artıq rəşadət və hünərləri Nadir şahın daha da ziyadə iltifat və şəfəqqətini cəlb eləyir və lakin bir neçə paxıl və şərir kəslər Pənah xanın bu minval tərəqqi tapmağına həsəd aparıb, ondan bədguluq etmək binasını qoyurlar və Nadir şahın hüzurunda onu müqəssir edib, qətlinə fitva verirlər. Pənah xan əhvalı bu növ ilə görüb, canının qorxusundan fürsət tapıb, Nadir şah Xorasanda olan vaxtı bir neçə nəfər əqvami-müxlisələrdən özü ilə müttəfiq görüb, Qarabağ vilayətinə qaçır. Nadir şah Pənah xanın qaçmağından çox qəzəbnak olub, dalınca çaparlar göndərir ki, onu yoldan tutub gətirsinlər. Amma müyəssər olmayıb və Qarabağda dəxi onun tutulmağına çox səy və təlaş edirlərsə də, bir şey bacarmırlar. Ancaq onun elindən qövmü əqrəbasını və əhlü əyalını Nadirin hökmü ilə Xorasan məmləkətində Sərəxs torpağına sürürlər. Sonralardan 1160-cı tarixində Nadir şah Xorasanda qətlə yetəndən sonra Pənah xan qorxudan çıxıb, Qarabağın içində özünü zahir edibdir. Bu vaxta kimi Pənah xan gah Qarabağın dağlarında və meşələrində öz xəvasları ilə və bir para əqrəbaları ilə quldurmanənd dolanarmış və gah Şəki vilayətində və Qəbələ mahalında övqat keçirərmiş. Nadir şahın qətlindən sonra onun hökmü ilə Xorasana sürgün olan Qarabağ elatı əzancümlə Pənah xanın əhlü əyalı böyük oğlu İbrahim xan ilə bir yerdə xudsər köçüb öz əsli vətənlərinə qayıdırlar. Mərhum Pənah xan çox tədbirli, aqibətəndiş və karkön bir adam imiş. Özünün hökumət və istiqlaliyyətini möhkəmləndirmək üçün Qarabağın qoçaq və rəşid cavanlarından özünə bir dəstə mükəmməl atlı saz eləmişdi. Çün ətrafdakı vilayətlər--Şəki, Şirvan, Gəncə, İran, Qarabağ xanları onunla düşmən idilər, özünü bunların hücumundan eymən və salamat saxlamaq üçün əvvəlcə 1161-ci ildə indiki Kəbirli mahalında Bayat qalasının binasını qoydu. Üç-dörd il bu qalada sakin olub, sonra görür ki, bu yer münasib deyil, özü də aranzəmindir və əhali istidən zəhmət çəkir, onda Tərnakut yaxud Tərnaut qalasını bina etdirir ki, "Şahbulağı" adı ilə məşhurdur. Bu qalanın binası 1165-ci sənədə--ki, tarixi-məsihiyyənin 1752-ci sənəsinə mütabiqdir,--vaqe olubdur. Beş sənə də bu Tərnakut qalasında qalıb, sonradan indiki Şuşa qalası olan məhələ hicrət edir. Çünki ol vaxtı Azərbaycan hakimi Məhəmməd Möhsün xandan çox ehtiyat olunurdu ki, İran qoşununu Qarabağa çəkib, onun əmval və ehşamı payimal olunsun. Şuşa qalasının yeri çox möhkəm və ətrafı sıldırım qayalar və dərin dərələr olmağa görə, onu təsxir eləmək hər halda mümkün deyildi. Odur ki, neçə dəfə Qızılbaş qoşunu onun üstə gəlib, onu mühasirə ediblərsə də, fəthində aciz qalıb, məyus və pərişanhal geri qayıtmağa məcbur olublar. Qarabağ vilayətinin Rusiyaya mülhəq olması Pənah xanın oğlu İbrahim xanın vaxtında, 1804-cü sənədə vaqe olubdur. Haman sənədə qış fəslində İbrahim xan mərhum və oğlanları Məhəmməd Həsən ağa və Mehdiqulu ağa ilə və Qarabağın bir neçə mütəşəxxis bəyləri və əyanları ilə şəkili Səlim xan ilə--ki, onun damadı idi,--Kürək çayında knyaz Sisianov ilə görüşürdü və burada cəşnü ziyafətlərdən sonra miyanlarında mühavirat və müahidat vaqe olub, hər iki canibdən binayi-əhdü peyman qoyuldu və şürutnamə yazıldı. Mərhum İbrahim xan və sərdar Sisianov öz möhürləri və dəstxətləri ilə haman şürutnaməni imza qıldılar. Bu əhdnamənin hökmüncə İbrahim xan dövləti-Rusiyyəyə itaət etməyi qəbul etdisə də, amma həm özü və ondan sonra nə qədər varisi vardır nəslən bədi-nəsl imperaturi-əzəm tərəfindən Qarabağ vilayətində bilistiqlal hakim olmaqları təsdiq olunur və bu məclisdə İbrahim xana general-leytenantlıq və Səlim xana general-mayorluq, Məhəmməd Həsən ağaya və Mehdiqulu ağaya polkovniklik çini verilmək üçün sərdar Sisianov tərəfindən vəsatət olundu və lakin Sisianov Bakıda məqtul olandan sonra İbrahim xanın meyli bir növ İran dövlətinin tərəfinə dönür. Şuşa qalasında duran bir fövc batalyon rus qoşunundan böyük mayor Lisaneviç bir para şərir və əhli-qərəz adamların təhrik və iğvası ilə gecə vaxtı iki yüz soldat götürüb, şəhərin iki verstliyində İbrahim xanın olduğu səngəri əhatə edir və tamamını böyük zülm və ədalətsizliklə qətlə yetirir. İbrahim xandan sonra onun yerində oğlu Mehdiqulu xan canişin olur ki, onun qızı şairə Xurşidbanu "Natəvan" təxəllüs Şuşa şəhərində 1315-ci sənədə və Xurşidbanunun oğlu Mehdiqulu xan "Vəfa" təxəllüs 1318-ci sənədə Tiflis şəhərində vəfat ediblər. Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda artıq sürət ilə abad olmağa üz qoymuşdu. İçində çox gözəl imarətlər yapılmışdı. Yay fəslində altmış-yetmiş minə qədər nüfus bu şəhərə cəm olurdu, çünki Şuşanın abü havası xeyli saf və salamat olmağa görə, yaylaq mənzələsindədir. Qarabağın tarixinə və sair övzavü əhvalına dair bir para məlumat Molla Pənah Vaqifin tərcümeyi-halı nəql olunduqda söylənəcəkdir. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzələsində olub, ərbabi-zövqü səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur. Şuşa əhli--xah ermənisi və xah müsəlmanı--həmişə eyşü işrətdə olub, günlərini gəzməkdə, seyrü səyahətdə keçirirdilər və buranın sazəndə və xanəndələri indi də məşhuri-cahandır. Heyfa ki, 1905-ci ildə erməni və müsəlman davasında bu şəhərin Ermənistan tərəfi və 1906-cı ildə müsəlmanistanın bəzi hissələri öz əhalisinin cahilanə rəftarı və vəhşiyanə kirdarı ucundan yanıb zir-zəbər oldu. Yüz ildən bəri balaları ənvayi-zəhmət və məşəqqət çəkib, külli məxaric və məsariflər töküb abad elədiyi vətəni bu gün onun cünunluq mərəzinə mübtəla olmuş övladı belə rəhmsiz və ağılsız viran olmağına canlarını nisar elədilər. Yüz ildən bəri iki mehriban qonşu kəmali-sədaqət və məvəddətlə bir yerdə dolanıb, bir hava ilə nəfəs alıb, asudə və mürəffəül-hal zindəganlıq etməklərindən guya diltəng və narazı olub, bir-birlərinin canına və malına yağı olmaqları qəribə bir hal və heyrətəngiz bir sirrdir. Bu halda Şuşa şəhəri əhalidən, demək olur ki, boş qalıbdır. Az-çox varı və tavanası olanlar qeyri bilad və ölkələrə hicrət edib, hər birisi bir növ güzəran etməkdədirlər. Şəhərdə qalanlar ancaq əlsiz-ayaqsız, əhli-kəsbü sənətdir ki, onların də məişəti tərəddüd və alış-veriş olmadığına görə, artıq dərəcədə çətinlik ilə keçir. * * * Rafei Bu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır: Sən necə həmdəmsən, ey badi-səba, Nə müddətdir xəbərin yox halimdən. Nuh kimi qərq oldum qəm girdabına, Dərdməndəm, nolur tutsan əlimdən? Əfsunçu kar etməz zülfün marına, Cismim düşdü ənbər telin tarına, Pərvanə tək yandım eşqin narına, Bülbül təki əl üzmüşəm gülümdən. Məndə xəyal vüsalına yetməkdir, Sənin meylin qeyri həmdəm tutmaqdır, Mən bülbüləm, işim fəğan etməkdir, Gəl yanıma, qaçma dərdi-dilimdən. Yusifi Misirdə zindan öldürdü, Züleyxanı dərdi-pünhan öldürdü, Rafeini dərdi-hicran öldürdü, Özün yetir, qurtargilən ölümdən. Söz yoxdur ki, Rafeinin qəsdi bu şerləri düzməkdən Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə nəzirə yazmaq imiş və lakin onların kəlamları ilə Rafeinin şerləri arasında təfavüt yerdən göyəcəndir: Daneye-felfel siyaho xale-məhruyan siyah, Hər do del suzənd, əmma in kocavo an koca. [1] [1] Tərcüməsi: İstiot dənəsi də qaradır, ayüzlülərin xalı da, Hər ikisi ürək yandırır, amma bu hara, o hara? * * * Seyid Əbülqasım Nəbati Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar. Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir: Hərə bir şahə oldular məddah, Mən kəmin bəndə şahi-İranə. Şahi-mən şahi-müfəxxər Qacar -- Ki, salıb divi-zülmi zindanə. Şəh Məhəmməd şəhi-Skəndərşən, İltifat etməz abi-heyvanə. Xadimi-bargahi yüz Cəmşid, Tən edər cahi min Süleymanə. Bəxş edər murə mülki-dünyani, Dür tökər gənci-lütfi hər yanə. Dusti bilməsin ki, qəm nə imiş, Düşməni ağnasın qızıl qanə. Sən, Nəbati, duanı eylə təmam, Nə işin var eşitdi şah ya nə? Əgərçi şairin sali-vəfatı dürüst məlum deyil, amma mötəbər rəvayətə görə, haman on üçüncü əsrin axırlarında — yəni min iki yüz yetmişinci illərin əvaxirində və həştadıncı illərin əvailində vəfat edibdir. Vəfatı ömrünün müsinn çağında — yetmişində və ya yetmiş beşində vaqe olubdur. Buna şairin öz şeri dəlalət edir: Mən dedim bəs Xançobani cavandır, Bir igid oğlandır bəbri-bəyandır, Demə kim, qocalıb, qəddi kəmandır, İndi gördüm, saqqalının çalı var. Bundan əlavə onun qocalığına bu şeri-müstəzadı dəxi şəhadət verir: Dövri-çərxdən olmuşam əlil, Dizdə taqətim, gözdə nur yox. Bir nəzər, əya şahi-lafəta, Bu Nəbatiyi-binəvaya bax! Eşitdiyimizə görə, bu halda Nəbatinin övladından bir neçə mötəbər vaizlər və mərsiyəxanlar vardır. Seyid Əbülqasımın bir neçə təxəllüsü var. Onlardan məşhuru bunlardır: "Nəbati", "Məcnun", "Şah" və "Xançobani". Mərhum ziyadə müttəqi, dindar və pakdamən bir vücud olub ömrünün çoxunu zöhdü riyazətdə keçirərmiş. Riyazət əhli olduğu üçün əksər övqat dünya işlərindən əl çəkib və xalqdan qəti-əlaqə edib etikafa əyləşərmiş. Bu etikaf və zaviyənişinliyi özü üçün böyük bir səadət hesab edib, həqiqət aləminə irişməyi və nihan sirrlərindən ittila kəsb etməyi məhz vəhdət guşəsində bularmış. Ol səbəbdən deyibdir: Guşeyi-vəhdət nə əcəb ca imiş, Sirri-nihan onda hüveyda imiş. Aşiqi-divanələrin mənzili, -- Rütbəyə bax, ərşi-müəlla imiş. Qafil idim bu dili-viranədəm, Dil demə, oğlan, bu ki, dərya imiş. Etikafdan fariq olduğu zaman gahbir camaat arasına çıxıb söhbət edərmiş. Ziyadə fəsih və şirinzəban olduğu üçün çoxları özünə valeh və heyran edərmiş və müasirlərindən bir çoxu onunla mükaliməyə daxil olmağı və onun söhbətindən istifadə qılmağı özlərinə böyük bir feyzü qənimət hesab edərlərmiş. Rəvayət olunur ki, Seyid Əbülqasım Üştibində əvvəlcə dərvişlər həlqəsinə daxil olub, onların içində nüfuzu artıbdır və sonralardan dərvişlərə mürşid olubdur. Bəzi vaxtlarda ondan kəramət sadir olarmış; belə ki, bir para xariqüladə əlamətlərin ondan zühur etməyini görənlər olubdur. Etikafdan çıxan zamanı onun simasında başqa bir parlaqlıq və nuraniyyət cilvə edərmiş; özgə bir halətə düşərmiş və bəzi vaxtı şövqü zövq ilə cuşa gəlib eşqdən, mey və məhəbbətdən dəm vurarmış. Necə ki, deyibdir: Zöhdü səlatı çölə sal, Gəzgəza, Mövsimi-eyşü meyü mina imiş. Xançobani adi, Nəbati özü, Bir üzü qırxıq, bığı burma imiş. Nəbati artıq dərəcədə səxi, comərd və nəcib bir vücud imiş. Atası dəxi möhtərəm seyidlərdən imiş. Buna şairin kəlamı şəhadət verir: Meydani-eşq içrə səyirtdim ati, Müsəxxər eylədim Rumü Herati, Möhtərəm oğluyam, adım Nəbati, Zatımız haşimi, əslimiz ərəb. Seyid Əbülqasımın ləqəbi "Möhtərəm oğlu" olduğuna onun bu şeri dəxi şəhadət verir. "Möhtərəm oğlu" deyərlər mənə, adım Məcnun, Bir adım Xançobani, bir bığı burma-burma. Nəbati həzrət Əli əleyhissəlamın həqiqi və səmimi məddahlarından olduğu üçün ol cənabın vəsfi-şənində çox gözəl və qərra qəsidələr yazıbdır ki, hər kəs onları mütaliə etsə, onun qəlbində həqiqi bir vəcdü tərəb vüqua gəlir. Nəbati demək olur ki, öz mövlasına ürəkdən aşiq imiş və bu, məhəbbəti ucundan ol şahidəryadilin və gövhəri-nəcəf və mədəni-izzü şərəfin mədhində yazdığı bir kəlamında əndazədən çıxır və bir növ özünü şəkkaklar silkinə daxil edən kimi olur: Mən ruzi-əzəldə sevmişəm bir şahi, Allah deyər ona Əliallahi. Hər kim ona allah desə, kafirdir, Şəkkakdır ol Nəbati tək, vallahi. Divani-əşarında ibtidayi-kəlamı həzrət Əlinin adı ilə bu sayaq başlayır: İcade-bənaye-aləm əz name-Əlist, Aine-nəbi ze zərbe-Səmsame[1]-Əlist. [1]-Səmsam — kəskin qılınc. Meyxaneyi-dəhr qayem əz həstiye-ust, Abe-rox ze meye-came-qolfame-Əlist. İn nəqşeneqare-sanee-biçunəst, Ya dəftəre-eşqe-Leyliyo Məcnunəst. Hər səfheəş əz bağe-Erəm zibatər, Hər noqteəş əz dorce-dore-məknunəst. Əz gərdeşe-ruzeqaro doure-gərdun Divane-mən əz rədif gərdəd birun, Aşoftetər əz şekənce-zolfe-Leyli, Culidetər əz məqale-hale-Məcnun. İn reşheye-kelke-Maniye-nəqtaşəst, Ya qeteye-meşke-aşeqe-qəllaşəst. Bər təbe-gohərbare-Nəbati əhsən, Mətbutər əz ruye-bote-Cəmmaşəst[2]. [2]- Çəmmaş --zəndvəst deyilən bütpərəst qövm. Xah türk dilində və xah fars dilində Nəbati yazdığı şerlərdə bir qüsur yoxdur. Bəzi kəlamlarında, məsələn, "Saqinamə"sində, fars lisanında yazdığı şerləri türk dilində yazdıqlarına tərcih vermək olar. Bu "Saqinamə"nin axırını yenə həzrət Əli mədhinə çevirib, ol cənabın övsafi-cəmilə və əxlaqi-həmidəsini bir-bir zikr qılıb, ol bəhri-hikmətə və sahibi-şənü izzətə xitabən deyir: Şəha, şəhriyara mən binəvara Ze lotfət biyara ço mehre-monəvvər, Əya, saqi, cəm şəvi şado xorrəm, Fədaiye-to kərdəm, biya, mey biyavər. Bedəh bade çon qol, bexan həmço bolbol -- Ke, kamət şod hasel, moradət moyessər. Əli qu, Əli qu, Əli cu, Əli cu, Resi ta be hu-hu, əz in nam begzər, Əli qu, Nəbati, ke, yabi necati, To ta dər həyati bexan naməş əzbər. Nəbatinin həzrət Əli şənində yazdığı türk qəsidələri dəxi səmimi-qəlbdən nəşət edən pakizə və həqiqi hisslərdir ki, oxuculara artıq dərəcədə təsir eləyir. Onları burada zikr etməyə ehtiyac yoxdur. Tərcibənd səbkində yazdığı "Saqinamə"də dəxi Əsədullah Qalib Əliyyül-Mürtəza haqqında gözəl mədhlər söyləmişdir. Nəbatinin bu "Saqinamə"si demək olar ki, onun cümlə kəlamının əfzəli və bərgüzidəsidir; bu sayaq başlanır: Ey edən eşq naməsin inşa, Vəh, düşüb başına əcəb sövda! Qoygilən başə taci-bismillah, İbtida qıl sözü benami-xuda -- Ki, odur hər kəlamə sərmətlə -- Ki, odur sərvəri-hamə əsma. Qadirü zülcəlalü vəlikram, Faliqül-həbb, xaliqül-əşya, Sanei-ərşü fərşü şəmsü qəmər, Aləmi yoxdan eyləyən peyda. Ol xudavəndi-vacibüt-təzim, Həyyü qəyyumü fərdi-bihəmta. Əhsənül-xaliqin ləhül-izzə, Vələhül-həmd vəssənaül-üla. Adəmi o yaratdı torpaqdan, Başına qoydu taci-"Kərrəmna", Ondan oldu Məhəmmədi-ərəbi, Sahibi-tacü təxti-ov-ədna. Ey qələm, ey ənisi-əhli-bəyan, Cəhd qıl etgilən sözü ziba. Gəl, gətir badə, ey gözüm saqi -- Ki, verim çöhreyi-məqalə səfa. "Şur"ü "Şəhnaz"dən çəkim ahəng, Naləni eyləyim büləndava. "Sövti-Davudi" eyləyim zahir, Gah "Hüseyni" gəhi "Zəminxara". Ta salım bu cahana bir ğülğül, Başlayım tazə bir əcibə "Nəva". Gələlər vəcdə aşiqü arif, Düşələr rəqsə padişahü gəda. Ucadan başla "Raki-Novruzi" Çulğasın nöh sipehri sövtü səda. Şahi-islamə ruzü şəb nüsrət -- İstə həqdən həmişə, eylə dua. Çəkkilən başə badeyi-eşqi, Günbədi-çərxi eylə pürqövğa, Şahi-Misri çıxartgilən çəhdən, Aləmi eylə valehü şeyda. Degilən, ya Əli, bəsövti-cəli, Eyləmə hiç kimsədən pərva. Himmət al pirdən, mədəd həqdən, Dəmbədəm "hu" çəkib yolu başla. Qoy qədəm rahi-eşqə mərdanə, Gir xərabatə məst-məstanə. Şair pirdən himmət və həqqdən mədəd diləyib sövticəli ilə Əliyyül-Mürtəzanı zikr edib və dəmbədəm "hu" çəkib, rahi-eşqə şövq ilə, mərd-mərdanə qədəmgüzar olur və özünü fənafillah dəryasına qərq eləyir və burada cürbəcür aləmləri seyr edib, vaxtbəvaxt saqiyi-ənisü canpərvərə rücu edib ondan lütfü kərəm istəyir. Bu "Saqinamə"nin bir bəndində eşqi-həqiqi və məhəbbəti-ilahini vəsfü tərif edib, başqa bəndlərində gah hicrdən şikayət eləyir, gah mübtəlayi-dərdi-möhnət olmaqdan və əqlü kəmalı tərk edib Məcnunsifət küçə və səhralarda vəhşiyanə cövlan etməkdən söz açıb artıq fəsahətlə öz hissiyyatını belə rişteyi-nəzmə çəkir: Saqiya, dur gətir meyi-gülgun, Məni qəm etdi lalə tək dilxun. Hicr edib odlu sinəmi gülxən, Dərd edib dağlı bağrımı kanun. Əql-məqlü kəmaldan keçdik, Gəl bir az da tutaq təriqi-cünun. Yandıraq rəxtü təxti mərdanə, Seyr edək kuçələrdə çün Məcnun. Gah [edək] rəqsü gah çərxə vuraq, Gəh çəkək nalə məstü digərgun. Gəh deyək şer-mer, gəh hədyan, Gah məsti-şərabü gəh əfyun. Gahi vəhşilər ilə həmcövlan, Gah səhra gəzəkü gəh hamun. Gahi heyrət çölündə sərgərdan, Didə giryanü xatiri məhzun. Gahi dağlarda valehü şeyda, Gah əfsanəvü-gəhi əfsun. Gahi xamuşü gəh süxəiküstər, Gahi Əshabi-kəhfi-cari-fünun. Gəlsə təqrirə gər hekayəti-eşq, Olu bir dəmdə min gəda Qarun. Ey xoşaxoş o aşiqi-qəllaş -- Ki edə canı yarına qurbun[3]. Əyyühəl-aşiqun, fədeytü ləküm, İnnəküm məşərü və hüm yufun. Badeyi-xümnişini ver, saqi, Nə deyər bir görək o Əflatun. [3]- Qurbun — qurban mənasınadır. Qafiyə düz gəlmək üçün "qurbun" yazılmışdır. Bu "Saqinamə"nin bir bəndində Nəbati bahar fəslini belə şairanə vəsf qılır: Saqiya, gəldi novbahar yenə, Mövsimi-gəşti-laləzar yenə. Vergilən bəzmə inbisatü şükuh, Gəldi həngami-vəsli-yar yenə. Nərgisi-məst yüz nəzakət ilə Zülfünü etdi müşkbar yenə. Şahi-gül çəkdi bürqəin üzdən, Hüsnünü etdi aşikar yenə. Kuhü səhranı əbri-neysani Gör nə xoş etdi mərğzar yenə. Rədi-ğərran çəkib ğəriyü xüruş, Aləmə saldı xarxar yenə. Şaxi-gül oldu məskəni-bülbül, Laləni etdi dağdar yenə. Hardasan, ey şəkərləbü gülrux, Ver, gözüm, cami-xoşgüvar yenə. Gəl içək badə gül əyağında, Bir edək şükri-kirdgar yenə. Mey və məhbub barəsində yazıbdır: Saqiya, ey nigari-şirinfən, Hardadır ol dəvayi-dərdi-həzən? Təlxi-şiringüvar, yəni mey, Mərd olur içsə gər onu hər zən. Bu idi etdi şah Cəmşidi, Həyyü cavid çün Üveysi-Qərən. Ehtiram et ki, cami-Cəmdir bu, Olma bədməst sən də çün Bəhmən. Ələ aldıqca gözlə şərti-ədəb -- Ki, odur dərdi-eşqə çarə edən. Hanı ol Kürdi-şiri-nərsövlət? Noldu İsfəndiyari-ruhintən? Məni yandırdı bir buti-sərməst, Vəsfi-hüsni edib məni əlkən. Taqi-əbrü kəmani-Sami-dilir, Tiri-mücgani xəncəri-Bicən, Qönçə ağzı çü püsteyi-xəndan, Ləbi-ləli əqiqi-sürxi-Yəmən. Tərfi-ruxsari rövzətül-firdovs, Sünbüli-zülfi rəşki-müşki-Xütən. Xali-sərsəbzi dami-fitnəvü şər, Çeşmi-sərməsti kani-sehrü finən. Sözü şəhdü şəkər, gözü şəhla, Canü dil bəndüvani-çahi-zəqən. Qıya baxmağı rəm yemiş ceyran, Güli-ariz misali bərki-səmən. İşvəsi şux, qəmzəsi cəllad, Qan içən həmçü zeyğəmi-ərcən. Surətində xəcil məhi-ənvər, Qəddi-bala besani-sərvi-çəmən. Qoymaz aşiqdə nazı tabu təvan, Өldürər gərçi olsa Əhrimən i. a. Yenə bu "Saqinamə"də keçmiş padşahların şökətü əzəmətindən və namdar pəhlivanların qüvvətü hünərlərindən və aşiqi-biçarələrin hali-cigərsuzlarından söz açıb axəri-kəlamı həzrət Əli əleyhissəlama yetirib deyir: Hanı şiri-xuda, şahi-mərdan Sahibi-Zülfiqari-xunaşam. Hələta şənü innəma şövkət "Lafəta" mədhi-şahi ərşməqam Gər mürəkkəb ola çəmii-bəhar, Cümlə əşcar əgər ola əqlam, Ola katib təmami-xəlqi-cəhan, Yazalar vəsfi-şənini madam, Aqibət qərqi-lücceyi-xiclət, Matu məbhut qasirül-övham. "Qulkəfa" haq deyəndə bir şahə, Mən nə tərif edim, mənim ağam?! Dur gətir badə, saqiya, ver cam, Lovhəşəllah, gəlin edək bayram. Çəkilək bağə, bir əyaq çəkək, Döşənək gül əyağinə xoşkam. Vəcd edək, mənzilə verək zinət, Ruzü şəb vəcdə eyləyək iqdam., Qoy qədəm rahi-eşqə mərdanə, Gir xərabatə məstu məstanə. Seyid Əbülqasım Azərbaycan türklərinin Xacə Şəmsəddii Hafizi və Şəms Təbrizisi və bəzi məqamlarda Mövlana Cəlaləddin Rumisi mənziləsindədir. Necə ki, Hafiz fəsahət və bəlağətdə şüərayi-farsın sərdəftəri olub, həmçinin Nəbati də Azərbaycan şüərasının fəsihraqıdır. Necə ki, şerü kəlamında Nəbati Xacə Hafizə peyrəvilik göstərib, habelə də dünya zindəganlığında ustadi-kamili və mürşidi-mənəvisi tutduğu yol ilə gedib dərvişlər dairəsinə daxil olub, onlar ilə müaşirət və müsahibət edərmiş və dünyanın malü dövlətinə mütləqa etina göstərməzmiş. Өvqatını ibadət və riyazətdə və şer yazmaqda keçirərmiş. Xacə Hafizə nisbətən qəlbində əlaqə tutduğu məhəbbət və sədaqəti aşağıda yazılan şerlər vasitəsilə bəyan etmişdir: Ey səba, ey bəridi-aşiqi-zar, Kuyi-cananə bircə var genə. Açginən şahbaz tək şəhpər, Eylə Şirazə bir güzar genə. Hafizin ruhi-pakinə bizdən Bir yetir eşqi-bişümar genə. Bədi-"əlhəmdü" sureyi--"ixlas" Gör nədir bir o yari-ğar genə. Məni-müştaqə bu hekayətdən Gəldi nagəh nəvayə tar genə. Dedi: ey dərdü qəm giriftari, Çox dəxi etmə ahü zar genə. Tutgilən daməni-təvəkküldən, Əşqəri-eşqə ol səvar genə. Qoy qədəm rahi-eşqə mərdanə, Gir xərabatə məstü məstanə. Yenə özgə bir yerdə Nəbati "Lisanül-qeyb" ləqəbi ilə məşhur olan ustadı haqqında demişdir: Hafizin ruhuna ixlas ilə bir fatihə ver, Çərxə vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa. Tutiyi-baği-cinan, bulbüli-şaxi-Şiraz, Xaceyi-"Şəms" ləqəb, şairi-ğərra, ğərra. Və yenə Şiraz bağının bülbüli-xoşəlhanı haqqında yazıbdır: Fərəhəfzast dorərhaye-softeye-Hafez, Ğəni nəmud məra gənce-xofteye-Hafez. Məlale-del bebərəd şerə-rofteye-Hafez, Bər aseman çe əcəb gər ze qofteye-Hafez, Səma Zohre berəqs avərəd Məsihara. Məlumdur ki, Xacə Hafiz, Şeyx Sədi və Cəlaləddin Rumi kimi nəsihətamiz timsal və hekayətlər yazmaqla belə onlardan hissəi ittixaz etməyibdir. Ancaq mənən bir-birinə münasibəti olmayan qəzəllər vasitəsilə hissiyyati-təbiiyyəsindən və kəmalati-mənəviyyəsindən naşi hikmətasa və möcüznüma şerlər yaradıbdır. Hər şerin və hər beytin təklikdə dərin mənası var. Hər bir kəlməsi böyük nəsihətdir. Tərzi-kəlamda və şiveyi-lisanda o qədər həlavət və fəsahət var ki, əhli-hal onu mütaliə etdikdə valeh olur, dimağı başqa bir zövq ilə vəsfə gəlməyən bir feyzlə dolur. Nəbati dəxi bir mətləbin üstündə dayanıb durmur, pəndü nəsihət deməkdən və xalqa yol göstərməkdən yaxasını kənara çəkib öz hissiyyatından və mənəviyyat aləmindən dəm vurur. Bu xüsusda ibtidayi-kəlamda şair özü bunu iqrar edir ki, onun divanında qayda və nizam olmayacaqdır və mənən bir-birinə müxalif və müğayir şerlər çox olacaqdır: Əz gərdeşe-ruzeqaro doure-gərdun Divane-mən əz rədif gərdəd birun, Aşoftetər əz şekəncə-zolfe-Leyli, Julidetər əz məqale-hale-Məcnun. Başqa bir kəlamında şair öz halətini və dünyadan laqeyd olmağını, ata-ana və qohum-əqrəba tanımadığını, müəyyən bir fikrə və məsləkə qulluq etmədiyini, dost-aşnadan qəti-ülfət etdiyini və şerdə nizam və qayda gözləmədiyini bu sayaq nəzmə çəkir: Bilmərəm səc pədir, qafiyəni anlamaram, Mən qaradağlıyam, ver mənə xurma, xurma. "Möhtərəm oğlu" deyərlər mənə, adım Məcnun, Bir adım Xançobanı, bir bığı burma, burma. Nə qələndərdi, nə dərviş, nə natiqü nə lal, "Ma ərəfnak" deyirlər, budu həqqa, həqqa. Bacı-qardaş deməz, ata-anasın bilməz, Degilən bir ayı ya bir dədi-səhra, səhra. Tərk edib yaru rəfiqi, çəkilib pünhanə, Gecə-gündüz oturur vahidü tənha, tənha i. a. Şair dünyada çox yaşayıbsa da, amma kim və nə olduğunu haradan gəlib və haraya getdiyini və nə növ icra və maddələrdən tərkib bulduğunu və hansı din və təriqətdə olduğunu dürüst təyin edə bilməyib, "dünya" deyilən bu vadiyi-heyrətdə avara və sərgərdan qalıbdır, müəyyən bir mənzilə vasil olmadığını və hələ məbhut, mütəhəyyir və ləng halında yaşamağını öz-özünə xitabən "nə mənəm, nə mən mənəm mən" deməklə böyük bir şəkkdə və iztirabda olmağını mövzun bir kəlamında bəyan edir. Haman kəlamı eyni ilə burada dərc edirik: Nə mərizo, nə təbibəm, hələ ləng, ləngəm, Nə həbibo nə rəqibəm, hələ ləng, ləng, ləngəm. Nə mokəddər, nə şadəm, nə nehan, nə aşekarəm, Nə ze xakəmo, nə badəm, hələ ləng, ləng, ləngəm. Nə ço ğonçe dər şekoftəm, nə nəəm, nə la şenoftəm, Nə ğəməş bedel nəhoftəm, hələ ləng, ləng, ləngəm. Nə şərabiyəm, nə bəngi, nə xəyaliyəm, nə rəngi, Nə moğənniyəm, nə çəngi, hələ ləng, ləng, ləngəm. Nə rəfiqe-bustanəm, nə qərine-qolestanəm, Səge-kuye-delsetanəm, hələ ləng, ləng, ləngəm. Nə setareəm, nə mahəm, nə gəda, nə padşahəm, Bemiyane-in do rahəm, hələ ləng, ləng, ləngəm. Nə zəmin, nə asemanəm, nə əz ino nə əz anəm, Nə diyare-laməkanəm, hələ ləng, ləng, ləngəm. Nə pəri, nə cenno ensan, iə mələk, nə huro qelman, Nə felanəmo, nə behman, hələ ləng, ləng, ləngəm. Nə ze kano mədənəm, mən nə ze gənco məxzənəm mən Nə mənəm, nə mən mənəm mən, hələ ləng, ləngəm. Nə cəvanəmo nə pirəm, nə kəmanəmo nə tirəm, Nə səğiro nə kəbirəm, hələ ləng, ləng, ləngəm. Nə ze ləle-bibəhayəm, ğə ze dorre-bisəfayəm, Nə nəva, nə binəvayəm, hələ ləng, ləng, ləngəm. Nə holuliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri, Nə riyaziyəm, nə cəfri, hələ ləng, ləng, ləngəm. Nə monəccem, nə kahen, nə sahero nə mədahen, Nə bezarean gəvahen, hələ ləng, ləng ləngəm. Nə Nəbatiyəm, nə bəngi, nə mosəllayəm, nə cəngi, Nə məcuso, nə ferəngi, hələ ləng, ləng, ləngəm. Yenə başqa bir kəlamında Seyid Əbülqasım özünü mədhuş və heyran bir halda valeh və sərgərdan görüb kəmali-fəsahətlə məstanə halətini bu tövr bəyan edir: Өylə məstəm bilməzəm kim, mey nədir, mina nədir, Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir. Od tutub canım sərasər yandı, amma bilmədim Dil nədir, dilbər nədir, başımda bu sevda nədir. Bilmədim ömrümdə hərgiz küfrü iman hansıdır, Əhmədü Məhmud kimdir, Musiyü İsa nədir? Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim, Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir? Sədri-eyvani-cəlalət, şəmi-bəzmi-kainat, Afitabi-ərşi-izzət "lafəta illa" nədir? Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvər, Gəl, xərabət içrə gör bu şurişü qövğa nədir! Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman! Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir?! Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver, Çox demə Cəmşiddən, İskəndərü Dara nədir? Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan, Aşiqü məşuq kimdir, Vamiqü Əzra nədir? Şahidi-xəlvətnişinim etdi ruxsarın əyan, Aşiqi-divanə gəl gör zahirü ixfa nədir! Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin, Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir? Nəbatinin bu şerləri Şəms Təbrizi əleyhirrəhmənin aşağıda yazılan kəlamına çox bənzəyir. Təfavüt ancaq bundadır ki, Nəbatinin kəlamı rindanə və aşiqanə, amma Şəms Təbrizinin kəlamı həkimanə və fəlsəfanə əsərlərdir. Nəbatinin kəlamındakı atəşi-eşq, cuşi-zövq və şövq qareini vəcdə gətirir, Şəms Təbrizinin kəlamı isə onları dərin fikir və əndişəyə salır. Budur Şəms Təbrizinii kəlamı: Ruzha fekre-mən inəst, həme şəb soxənəm Ke, çera ğafel əz əhvale-dele-xiştənəm. Əz konça amədeəm, amədənzm bəhre-çe bud, Bekoca mirəvəm, axər nənəmai vətənəm. Kist dər quş ke, u mişənəvəd avazəm, Ya kodaməst soxən mikonəd əndər dəhənəm. Kist dər dide ke, əz dide birun minekərəd, Ya ke, canəst nəquyi ke, mənəş pirəhənəm. Mən bexod namədəm inca ke, bexod baz rəvəm, An ke, avərd məra baz borəd bər vətənəm. To məpendar ke, mən şer bexod miquyəm, Ta ke, hoşyarəmo bidar yeki dəm nəzənəm. Şəms Təbrizi, əgər ruy bema benəmayi, Vəllah in qalebe-mordar behəm dər şekənəm. Məşhur çarparəsində Nəbati püxtə və arif olmağa və mürği-Qafla həmzəban olub uca məqamlarda dövr etməyə və kuyi-eşqə dəlil bulmağa və nəqşi-bütdə sirri-vəhdəti görməyə və dünyanın çigunəliyinə məlumat yerişdirməyə çox səfər, təcrübə, bilik, məhəbbət, cürət və tərkisərlik lazım olmağını şairanə bəyan edib deyir: Get dolangilən, xamsən hənuz, Püxtə olmağa çox səfər gərək. Mürği-Qaf ilə həmzəban olub, Dövrə qalxmağa balü pər gərək. Kuyi-eşqə gəl getmə bidəlil, Quli-dəng təx düşmə çöllərə. Ta ki, salikə rəhnümun ola, Xizri-rəh kimi rahbər gərək. Yox, yalan dedim, hərzə söylədim, Vazehin deyim, doğru söyləyim, Həqqə arifi vasil etməyə Bir dodaqları xam şəkər gərək. Zülfi-ənbərin, xali-nazənin, Qönçə tək dəhan, qaşı cansitan, Mahi-biqərin, şahi, gülruxan, Nəstərən kimi simbər gərək. Lalə tək üzü al yanaq ola, Tazə gül kimi tərbuxaq ola, Bir günəşqabaq, xoşməzağ ola, Şux sərvqəd, zərkəmər gərək. Həminan ola mehrü mah ilən, Həmzəban ola nurü nar ilən, Nitqi dilgüşa, ləfzi canfəza, Gənci-sinəsi pürgöhər gərək. Həqqə aşina, xəlqdən cüda, Eyləmiş ola nəfyi-masəva, Həyyi-lamyəzəl, fərdi-biməsəl, Ol Məsih tək bipədər gərək. Qoygilən qədəm deyrə lacərəm, Nəqşi-bütdə gör sirri-vəhdəti, Bu çigunədən vaqif olmağa Bir cünuni-həq, mərdi-ər gərək. Az danışgilən, olgilən xəmuş, Etmə aləmə sirri-eşqi faş, Burda durma çox, keç bu vərtədən, Bu məqulə söz müxtəsər gərək. Mən qılmayın çox da zahidi, Üzrü var onun, aşiq olmayıb, O, əbəs yerə xəlq olunmayıb, Bağbanə bir kəlləxər görək. Ciddü cəhd qıl, arif ol, gözüm, Elmi-eşqdən olma binəsib, Cum bu bəhrə bir, tap bu gövhəri, Aşiqəm deyən tərki-sər gərək. Rah pürxətər, bəxt vacgun, Zülfi-yar tək şəb siyahgun, İndi qeybdən Xançobanına Nəxli-Turdən bir şərər gərək. Ya Əli, məni cami-eşqdən Bir kərəm qılıb öylə məst qıl -- Kim, desinlə xəlq lal oturmağa, Bu Nəbati tək bəxtəvər gərək. Nə qədər ki, mərhum Seyid Əbülqasım müttəqi, haqpərəst bir zat imiş və nə qədər övqatını ibadət və riyazətdə keçirməyi sevərmiş, bir o qədər də bimərifət və biməhəbbət ibadəti, riyayi və zahiri zöhdü təqvanı dost tutmaz imiş, "bismillahı dərk et(mə)miş həm də şərh verən" abidi-fasiqə və müfəttin vaizə canü dildən tən və nifrin oxuyarmış. Belə riyayi və yalançı zahidləri bəzi kəlamlarımda zahidlik isminə yaraşmayan sifətlə müttəsif qılmışdır: Mən qılmayın çox da zahidi, Üzrü var onun, aşiq olmayıb, O, əbəs yerə xəlq olunmayıb, Bağbanə bir kəlləxər gərək. Və həmçinin məhəbbəti-ilahidən bixəbər və mərifəti-rəbbanidən bisəmər abidlərə xitabən demişdir: Zahid, az danış, get, gözümdən it! Eşqdən məni çox da danlama, Mən məgər əbəs olmuşam dəli, Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax, Məndən ət götür, ey uzunqulaq! Zöhd satma çox, ey himar, məhz! Dur ayağa bir, aç o kor gözün, Bir o gözləri sürməsayə bax! Burada Nəbati: Mən məgər əbəs olmuşam dəli, Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax -- — şerində ona işarə edir ki, ruzi-əzəldən müdəbbiri-ləmyəzəl (Y"YY Y ^YY) — ki, ibarət ola qadiri-zülcəlaldan, — onun xəmirəsini məhəbbətlə yoğurub, mərifət nuru ilə münəvvər qılıbdır, bərgüzidələr silkinə daxil və dünya qeydindən xilas və biehtiyac eləyibdir. Necə ki, özgə bir məqamda şair deyir: Təbbali-qəza döydü mənim adıma axir Bu təbli-cununu. Səhrayə salıb etdi məni kuhdə məskun, Bu gərdişi-gərdun. Və habelə şair eşq əhlinin ustadı və sərxeyli olan Məcnuni-zəbunu və sonra Fərhadi-bimuradı yada salıb özünü dəxi onların silkinə daxil edib və hətta Fərhadi-qəmpərvərdən özünü artıq tutub deyir: Əlminnətü-lillah oxudum elmi-lədünni Ustadi-əzəldən. Feyzi-nəzəri etdi məni qabili-əsma, Çün Xizri-müəlla. Əfsus ki, aləmdə deyil dağ çapan oğlan Fərhadi-hünərmənd, Təlim edəydim ona mən dərsi-"səmina" Ta ayeyi-"övfa". Məcnun idi eşq əhlinin ustadı, həqiqət, Pirimdən eşitdim. Əfv eylə günahın sən onun, bari-xudaya, Ovsilhu bi Leyla. Hərçənd qaradağlıyam, yoxdu kəmalım, Müşküldü kəlamım, Hər fərddə məsturdu bir dürri-müsəffa, Yüz lölövü lala. Yandı ciyərim, bəsdi, fəğan etmə, Nəbati, Bir ləhzə tut aram. Səhrayi-cünun içrə ol azadədil, amma Tut daməni-mövla. Və yenə Nəbati riyakar zahidin söhbət və ülfətindən peşman olub və yaxasını kənara çəkib deyir: Mən hara, söhbəti-namaz hara?! Məni azdırdı bu müsahibi-xam. Dəftəri-eşqü babi-sövmü səlat, Məbhəsi-xalü xət, rükuü qiyam. Ey ələmdari-şahi-təşnəcigər, Sənə qurban mənim atam-anam. Hərə bir şahı sevmiş, əzəldən Səni sevmiş Nəbatiyi-bədnam. Gəh Əbülfəzlü gahi ya Abbas -- Deyərəm, eylədim sözü itmam. Saqiyü camü şahidü gülü mül -- Bu idi, vəssəlam, vəlikram. Gəl, gözüm, tut nəzərdə ol şahi, Müxtəsər eylə, etmə çox ibram. Qoy qədəm rahi-eşqə mərdanə, Gir xərabatə məstü məstanə. Aşağıda dərc olunan kəlamında Nəbati bir növ hali-dilini bəyan etmək üçün bəni-Haşim mahı, mənbəi-sövlətü şücaət Əliyyül-Mürtəza oğlu Həzrət Abbasdan mədəd tələb edir, xaməsinin tişeyi-Fərhaddan kəskin olmağını təmənna edir və divanəvər həlqeyi-zənciri meydani-tərəbdə silkələyib eşq ilə bir hay-huy çəkir. Bu əsnada şairin qulağına Hatifdən nida gəlir ki, ey Nəbati, mətləbin rəva oldu, xatiriki şad qıl! Və sonra münşiyi-divani-həqq şairə bu fərmanı verir ki, eşqdən lafü gəzaf vurub özünü eymə və aşiqəm demə. Bu yolda eşqi-məcazi yaramaz; bu yolda gərəkdir kərrat ilə canını bəlalara salıb, bərkidib polad edəsən və buteyi-ixlasda qəlbi-misi əridib iksiri-eşq ilə onu pak və saf qılasan və hər nisfi-şəbdə rahət yuxusundan ayılıb, əl-üzünə səfa verib, şövq ilə nami-xudanı vird edəsən, ta ki, bu minval ilə nəfsi-dunun köpəyi məqamında olan hirsü tamahı özünə ram edə biləsən və qəmkədeyi-üzlətə təbini mötad qılmağı bacarasan. Vəqti ki, bu imtahanlardan çıxıb və şərbəti-təcriddən bir cam içib özünü həlqeyi-ürəfayə və daireyi-hükəmaya daxil elədin, onda sənə eşq tilsiminin qıfılı fəth olunar. Bundan sonra rahi-fənada sənin nəfsinə bircə təvəkkül kifayət edər, beşərti ki, su yerinə gözlərin yaşını Dəcleyi-Bağdad edib və yarın ətəyindən bərk yapışıb rahi-eşqdə müstəhkəm durasan. Bu halda aləmi öz əmrinə tabe edə bilərsən və xatirini zikrdən cənnəti-Şəddad qılsan da, vəsvəseyi-şeytan səni gümrah edə bilməz. Bundan sonra əgər Nəbati başqa məqamlarda səyahət etmək fikrinə düşərsə, onda onun başını temeyi-xəncər etməyə muxtarsan. Şairin öz kəlamına rücu edək: Aşiqi-divanə, bir zümzümə bünyad qıl! Xatirimi qüssədən bir nəfəs azad qıl! Həlqeyi-zənciri bir silkələ, səslən yenə, Eşq ilə bir hay-huy, şur ilə bir dad qıl! Müddəti-axır bu ev bəzmgəhi-yar idi, Heyfdi, bu mənzili yıxma, gəl abad qıl! Mahəsəl, məqsədin yar idi məqsud əgər, Başini bu damdə daneyi-səyyad qıl! Ruzi-əzəl aşiqə qismət olub xuni-dil, Bax mənə bir sədrini kureyi-həddad qıl! Yoxdu bizim sazımız, tari-xoşavazımız, Tök üzə əşki-rəvan, naləvü fəryad qıl! Mahi-bəni-haşim ol Həzrəti-Abbasdən -- İstə mədəd, xaməni tişeyi-Fərhad qıl! Müğbəçeyi-mütrübün burda yeri yox hənuz, Ah çəkib dəmbədəm növhəvü bidad qıl! Yetdi nida səminə Hatifi-lareybdən, Mətləbin oldu rəva, xatirini şad qıl! Münşiyi-divani-həqq yazdı bu fərmanı kim, Bu neçə əbyatı da dəftərə irad qıl! Laf urub eşqdən, adına aşiq demə, Ya bu ki, bu rahdə canını fulad qıl! Bu misi-qəlbi ərit buteyi-ixlasdə, Vur ona iksiri-eşq, qabili-nəqqad qıl! Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa, Yatma dəxi, sübhə dək şövq ilə övrad qıl! Ta ki, sənə ram ola hirsi-səki-nəfsi-dun, Qəmkədeyi-üzlətə təbini mötad qıl! Şərbəti-təcriddən başına bir cam çək, Get özünü daxili-həlqeyi-övtad qıl! Ta ki, sənə fəth ola qıfli-tilismati-eşq, Xəlq üzünə qapını şeşdəri-nərrad qıl! Əşhəbi-sər-sər-xuram gərçi inanın qırıb, Getmə, dur, ey biədəb, hörməti-ustad qıl! Şamü səhər müttəsil həmdü yüz ixlas ilə Ta nəfəsin var isə ruhun onun şad qıl! Yar ətəyindən əlin üzmə, budur rahi-eşq, Gözlə onu, aləmi tabeü münqad qıl! Vəsvəseyi-Əhrimən gər səni gümrah edə, Xatirini zikrdən cənnəti-Şəddad qıl! Bir də Nəbati əgər meyli-səyahət edə, Başın onun tömeyi-xəncəri-cəllad qıl! Digər bir kəlamında Nəbati könlünə xitab edib deyir: Bu qədər yatdığın bəsdir. Qəflət yuxusundan bir gözünü açıb bidar ol! Qönçə kimi pərdədə qaldığın bəsdir, bir zaman açılıb sən də bir şahidi-bazar ol! Zülmət diyarına qədəm basıb abi-həyatı axtar, irəli yeri, dönüb dala baxma, xövfü şəkkə düşmə! "Ləntərani" əcəb bir əmrdir. Əgər həqiqi aşiqsən, Tura sarı yüyür, talibi-didar ol! Musa kimi əsanı yerə at və nəleynini ayağından çıxart, onda nuri-həqq səndə təcəlla edər. Əgər həqqi tutub xalqı unutsan. İsa kimi göylərdə məqam tutarsan. Əlli ilin müddətində bu qədər məscidə gedib-gəlməyindən nə hasil etdin? Hansı feyzü kəmalata nail oldun? Oğlun ölsün, bir usan, bəsdir bu qədər riyayi ibadət və zahiri taat! Bizar ol! Şəkkü səhvi qəlbindən çıxart, "qabili-məğfirəti-qadiri-qəffar ol-ol"! Bu qədər guşeyi-mehrabə sığındın bəsdir, Bir də meyxanəyə gəl, faizi-ənvar ol-ol! Eşqi, aşiqliyi mən eyləmə, zahid, billah, Əqlini başına yığ, aşiqi-bir yar ol-ol! Seyid Əbülqasım öz təbi-gövhərbarı və əşari-abdarı xüsusunda belə yazır: Aç fəsahət qapısın, ey "ənə əfsəh" nəsli[4], Səndə mirasi-şahənşahi-tədəlla görünür. [4]- Rəsuli-əkrəmə işarədir. Şəms Təbrizi kimi mühyiyi-əmvat oldun, Vəh, onun cilvəgəhi aləmi-bala görünür. Təbi-mətbuun edər Maniyü Ərcəngi xəcil, Rəşheyi-kilki-tərin sehri-həlala görünür. Bu nə pərvazdı, ey tairi-Simürğ-şikar, Təhti-balında onun fövqi-Sürəyya görünür. Sözü qıl şəhdü şəkər, ey ənə əmləh balası, Məhəki-dürri-süxən -surəti-Sədra görünür. Həyy edər əzmi-rəmimi nəfəsi-müşkini, Nitqi-şirini ara möcüzi-İsa görünür. Qələmi gövhərrizinə xitabən deyibdir: Ey qələm, ey ənisi-əhli-bəyan, Cəhd qıl etgilən sözü ziba. Gəl, gətir badə, ey gözüm saqi -- Ki, verim çöhreyi-məqalə səfa, Ta salım bu cahanə bir ğülğül, Başlayım tazə bir əcibə nəva, Gələlər vəcdə aşiqü arif, Düşəlar rəqsə padişahü gəda. Bu babda yenə başqa bir kəlamında yazıbdır: Kilki-süxənsəncü şəkərrizə bax, Gündü bu ya gövhəri-inşa imiş? Kağızı diba kimi gülgun edib, Cümlə hünər bunda mühəyya imiş. Nöqtələri hər biri bir qitədir, Hərfləri hər biri pira imiş. Haşimiyəm, varisi-fəxrül-kəlam, Bizlərə bu şiveyi-aba imiş. Padişahi-ərzü səmadır qələm, Taçi-səri-Xosrovü Dara imiş. Bu qələmi-silsiləmudur ki, bu Həmdəmi-hər arifü dana imiş. Yenə bu xususda başqa bir yerdə yazmışdır: Kağəzi-zərkeş kətir, ver mənə zərrin qoləm, Ta ki, mən inşa qılım eşqdə bu məhzərn. Çünki tamam eylədim mən bu tərəbxanəni, Hazır edin siz v dəm Maniyi-surətgərn. Onda mənim şəklimi, surəti-dildarımı Nəqş edə bu səfhədə, şad edə bu kafəri. Getdi Nəbati özü, qaldı sözü yadigar, Aşiq olanlar gəzər axtarı bu dəftəri. Yenə ez təbi haqqında buyurmuşdur: Çox tərif eləmə baği-behişti, zahid -- Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs, Bülbülü tutiyü qumri sənə ərzani ola, Ey Nəbati, mənə bu təbi-süxəndanım bəs. Burada zikr olunan kəlamlardan başqa yenə Nəbatn-nin öz təbi vəsfində mövzun şerləri vardır ki, cümləsini yazmağa ehtiyac yoxdur. Biz ancaq bunu deyə bilərik ki, əlhəqq Nəbatinin təbi kezəl və rəvan imiş. Ondan nəşət edən sözlərin çoxu ləlü çəvahirə bərabərdir. Gövhəri-iəzmdi ya silki-dürü ləli-xoşab, Şeri-rənkindi ya lölövü lala-lala. Nəbati əleyhirrəhmənin başqa növ kəlamları nlə möhtərəm oxucuları daha da ətraflı aşina etmok qəs-di ilə təbərrükən bir neçəsini burada dərc edirik, Müstəzadi-Nəbati: Ta oldu sənin mehri-ruxun sunbülo mülhoq, Ey mahi-mütəbbəq! Sandım ki, kunəş əbrə kirib oldu mübərrəq, Çan oldu mühərrəq. Mah uzrə duşən nöqteyi-xalın nə bəladır, Ey közləri cadu. Heyrətdədi bu məsələdə cümlə müdəqqiq, Acizdilə mütləq. Bu dairədə nöqteyi-pərgar qalıb mat, Şətrəncdə çün şah. Girdabi-bəla içrə sınıb ləngəri-zövrəq, Hər dəm deyər "həq-həq". Bu acizü dərvişə əgər mürşidi-eşqin Rüsxət verə, billah, İsbat edərəm böylə ki, hamı deyə səddəq, Həm ərşi-müəlləq. Faş eyləməzəm mən dəxi əsrari-nihanı, Yox, yox, qələt etdim. Get, get, qanını heç yerə tökdürmə benahəq, Ey cahili-əhməq! "Bismillah"ı dərk eyləməmiş "həmd"ə yüyürmə, Ey zahidi-gümrah! Sərkərdəsiz aya görünüb bağlana səncəq, Ləşkər tapa rövnəq? Doyməz iki dinarə sənin sövmü səlatın, Sallanma behiştə! Qəflətdən oyan, aç gözün, ol tazə müsəbbəq, Manəndi-Fərəzdəq. Keyfiyyəti-meyxanəni məsciddə kim anlar, Gəl ol sözə vaqif. Aldatdı səni cifeyi-dünyayi-müzərrəq, Vur başına çün bəq. Hümmət elə, aç sinəmi, qıl nitqimi guya, Ey piri-xərabət! Bu leyli-düca içrə məni qoyma müfərrəq, Ey sübhi-müfəlləq. Bu ərseyi-xunxardə dəm vurma, Nəbati, Ol sakitü samit. Guya sənə kəşf olmayıb əhvali-"ənəlhəq", Sən bilmədin əlhəq Qəzəli-Nəbati: Cumdum yenə qəvvas tək dəryayə mən, dəryayə mən, Qıldım nəzər bir lölöyi-lalayə mən, lalayə mən. Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzəm, Göz dikmişəm bir gövhəri-valayə mən, valayə mən. Getdim biyaban gəştinə, urdum təcəlla dəştinə, Etdim tamaşa Turdə Musayə mən, Musayə mən. Çıxdım bu ərşin üstünə, baxdım büləndü pəstinə, Pəs onda nagəh uğradım İsayə mən, İsayə mən. Saldım tamami-aləmi gözdən, unutdum Adəmi, Verdim könül bir vahidi-yektayə mən, yektayə mən. Gəzdim səmavati tamam, hər mənzilə etdim xuram, Qıldım güzər həm cənnəti-əlayə mən, əlayə mən. Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin, Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən. Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuş, Düşdüm əcayib mənzili-ixfayə mən, iifxayə mən. Nə yatmış idim nə oyaq, nə atlı idim nə yayaq, Bir vaxtı gördüm gəlmişəm dünyayə mən, dünyayə mən. Leyli deyib çəkdim aman, qan-qaş töküb etdim fəğan, Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən. Fani olubdur bu bədən, dur tap, Nəbati, bir kəfən. Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən. Əyzən qəzəli-Nəbati: Ey könül, etmə şurü qövğa hiç! Çəkmə bihudə rəncü qövğa hiç! Bivəfa ömrə etibar etmə, Olma aludə fikrə əsla hiç! Xak olur aqibət fəqirü ğəni, Hasili-malü mülki-dünya hiç! Arif ol, arif, olma zahidi-xüşk, İxtiyar etmə zöhdü təqva hiç! Mübtəla olma nəşeyi-bəngə, Meyi-gülfam, cami-mina hiç! Hümmət et, olgilən yəqin əhli, Küfrü dii bəhsin etmə qəta hiç! Ey Nəbati, səninlə həqdir yar, Qəm yemə aləm olsa əda hiç! Mürəbbeati-Nəbati: Səba, bu ərzimi yetir səyyada, Söylə bağışlasın xudayə məni. Taqətim kəsilib künci-qəfəsdə, Mürəxxəs eyləsin bir ayə məni. Əgərçi bilirəm çoxdur günahım, Dəxi ondan özgə yoxdur pənahım, Degilən: ümidim vardır ki, şahım Əfv etsin ayeyi-vəfayə məni. Gecələr sübhə dək işim nalədir, Ağlamaqdan gözüm qan piyalədir, Canım bütün qara dağlı lalədir, Yetirsin Zəmzəmü Səfayə məni. Məlamət çəkməkdən yetişdim canə, Əridi ürəyim, döndü al qanə, Səba, ərzim budur şahi-cahanə: Dəxi çox salmasın sədayə məni. Nəbati, Məcnun tək gahi ağladın, Uşaqları yığıb dəstə bağladın, Gahi Qələndər tək özün dağladın, Axır ki, gətirdin harayə məni, Əyzən qafiyeyi-Nəbati: Yenə gözüm düşdü bir məhcəmalə, Ağ üzündə qara müşkin xalı var. Həlqə-həlqə olub zülfi-müşkini, Lovhəşallah, əcəb qəddi-dalı var. Yanaqları lalə, gözlər badami, Bağrımı qan etdi ləli-gülfami, Nə oldular, ya rəb, Xosrovi-nami, Xosrovü Şirinin min məqalı var. De gəlsin saqiyə, qılsın büsatı, Mürəttəb eyləsin bəzmi-nişatı, Tez olun, yandırın şəmi-simatı, Döşəyin məclisə hər nə qalı var. Səfheyi-ruxsarı bədri-münəvvər, Döşənib üstünə zülfi-müənbər, Dişləri mirvari, dəhanı şəkkər, Ləblərinin əcəb dadlı balı var. Gəzəsən aləmi cümlə sərapa, Tapılmaz bir belə sərvi-dilara, Dəyməz [bir] muyinə, həq bilir, haşa, Hər nə bu dünyanın mülki, malı var. Yəhərləyin görüm əsbi-gülguni, Bivəfa görürəm çərxi-gərduni, Bir də seyr eləyim tərfi-hamuni, Divanə könlümün yüz məlalı var. Mən dedim bəs Xançobani cavandır, Bir igid oğlandır, bəbri-bəyandır, Demə ki, qocalıb, qəddi kəmandır, İndi gördüm, saqqalının çalı var. Əyzən qafiyeyi-Nəbati: Səba, məndən söylə o gülüzarə, Bülbül gülüstanə gəlsin, gəlməsin? Bu hicran düşkünü, illər xəstəsi Qapına dərmanə gəlsin, gəlməsin? Mən qurbanı olum ənbər tellərin, Qönçə dodaqların, püstə dillərin, O lalə ruxsarın, müşkin xalların Oduna pərvanə gəlsin, gəlməsin? Gözüm çox həsrətdir xumar gözünə, Günəş cəmalına, şəkər sözünə, Utanıram, necə deyim üzünə, Dərdin xəstə canə gəlsin, gəlməsin? Nəbati istəməz sənsiz dünyani, İzzəti, hörməti, şövkəti, şani, Bir zada qalmayıb dəxi gümani, Bu baş o meydanə gəlsin, gəlməsin? Əyzən qafiyeyi-Nəbati: Şeyda bülbül, fəqan etmə, qəm yemə, Bu gün-sabah gül açılır, yaz olur. Əziz saxla, qənimət bil vücudun, Vəfası yox gülün, ömrü az olur. Degilən Fərhada, ey möhnətpişə, Şirindən incimə, çal daşa tişə Aşiq-məşuq arasında həmişə İşvə olur, qəmzə olur, naz olur. Gedər, candan çıxar daği-həsrətin, Artar gündən-günə şanü şövkətin, Sübhi-vəslə yetər şami-firqətin, Diləyin, mətləbin hamı saz olur. Xədəmələr durar sağü solunda, Cəvahir bazubənd iki qolunda, Fəvvarələr işlər daim gölündə, Yaşıl başlı ördək olur, qaz olur. Nəbati, sevmişəm bir dilsitanı, Bir sözü gülşəkər, qönçədəhanı, Dəxi faş eyləmə sirri-nihanı, Aşiqin könlündə yüz min raz olur. Əyzən mürəbbeati-Nəbati: Yenə İskəndər tək düşdüm zülmətə, Qabaşmı kəsib yüz min bəhrü bər, İgidliyin, mürüvvətin çağıdır, Yetiş fəryadıma, ey Xizri-rəhbər! Tülu etməz nədən "şəmsi-vəzzüha"?! Fənayə baş çəksin leylətüd-düca, Yoxsa yatıb məgər nəsimi-səba, Məşamıma yetməz nəfxeyi-səhər?! Yarə qurban deyən dili lal etdim, Möhr edib ağzımı tərki-qal etdim, Əlif tək qəddimi bükdüm, dal etdim, İndi görək bu kəmanı kim əyər? Nəbati, mingilən Rəxşi-himməti, Seyr elə sərbəsər dəşti-vəhdəti, Qoyma çıxsın əldən vəqti-fürsəti, Heyifsən, dünyadan getmə bixəbər! Təcnisi-Nəbati: Sənin tək şəhbazi-sərvqamətə Bir cürə tərlanın ayağı gərək, Gəmişən saatda kəbkü turaca Qaynağının dəmi, ayağı gərək. Əyninə geyəsən gündə minalı, Beli bağlı xəncər, dəstə minalı, Qurulsun məclisin cəngü minalı, Əlində saqinin əyağı gərək. Qabağınca neçə yedək çəkilə, Səni görcək xanzadələr çəkilə, Erişə şöhrətin Çinü Çəkilə, Deyələr şahlığa ayağı gərək. Səhər-axşam təblü nayın buğlana, Çəkilə düşmənin darə bağlana, Plov qazanların üstə buğlana, Yaxşı bollu əti-ayağı gərək. Səba, bu ərzəni ələ salma ya! Mənim salamımı yetir Səlmaya[5], Niyə gərək məni yada salmaya, Onun Nəbati tək ayağı gərək. [5]Səlma — şairin sevgilisinin adıdır. Yenə təcnisi-Nəbati: Məcnunlar adını çəkən təhrirə, Nola sərdəftərə o, yaza məni. Deyirlər bu idi zikri Mahmudun: Durun qurban edin Əyaza məni. Yenə sağ qalmışam, belə yarə, mən, Kəlbin tək kuyində yatam yerə mən, Gizlin sirrim gedim deyim yarə mən, Bir ağaç götürə, ay əzə məni. Saçı sünbül, üzü gül-gül, göz ala, Göz istəməz gözlərindən göz ala, Bu şan-şan bağrımı gül-gül göz ala, Qənaət verginən a yaza məni. Nəbati tək dəryaları üzəsən, Siyah zülfün əfşan eylə üzə sən, Qəmər tək buluddan bir çıx üzə sən, Çox da verməgilən ayaza məni. * * * Eşqi başa vurub söz deyən aşiq, Gəl [görüm] görmüsən bu göz kimi göz? And olsun allaha, həyyü layəzəl Xəlq edəməz bir də bu göz kimi göz. Niyə zülfün yenə üzdən yan durmuş, Məni oxlamağa Gəzgəz yan durmuş, Çox fəqiri fələk yaxıb yandırmış, Heç kafir görməsin bu göz kimi göz. Bu müşkülün heç görünməz asanı, Dağ-düyünün yoxdur dəxi a sanı, Görüm allah hifz eləsin a səni, Bədnəzər düşməyib bu göz kimi göz. Bilməm fələk məni kimə cur etdi, Eşqim qurmamış qapdı, çur etdi, Gözüm yaşı Nəbatini çürütdi, Dilim yandı dedim: bu göz kimi göz. * * * Qafqaziyada və Azərbaycanın bəzi nöqtələrində Molla Pənah dövrünə daxil olan və fövqdə isimləri zikr olunan şüəradan başqa bir çoxları da vardır ki, onların, məəttəəssüf, tərcümeyi-hallarından və isim-nəsəblərindən, azacıq da olsa, məlumat kəsb etməkdə aciz qaldıq və bu yolda çox cüstücu etdiksə də, səyü təlaşımız bir nəticə vermədi. Bu şairlərdən məşhur olanları Ağaməsih Şirvanidən və Xacə Nişatdan sonra Şamaxı və Şirvan torpağında vücuda gələnləridir ki, fəzlü kəmalda və xüsusən şer yazmaqda iştihar bulmuşlar. Mərhuməl-məğfur Ağaəli bəy Əfəndizadənin bizə verdiyi məlumata görə Ağaməsihdən və Nişatdan sonra xaki-mübarəki-Şirvanda ərseyi-vücuda gələn şüəra --ki, ibarət ola Məhvəşidən, Zülalidən, Vaiz əfəndi Şirvanidən, Əsgər Şirvanidən, Nabi əfəndi Şirvanidən, Arif Şirvanidəi, Lahici Şirvanidən, Hümməti Şirvanidən, Asəf Şirvanidən, Nəsim(i) Şirvanidən, Məhzun Şirvanidən, Molla Qədir Naci Şirvanidən və qeyrilərindən — hicrətin on üçüncü əsrinin əvvəllərində və bəziləri əvasitində zildəganlıq edib əşari-mütəfərriqədən səva bir namü nişan qoymayıblar. Bu şairlərin içində Məhvəşi, Vaiz Şirvani və Naci Şirvani kimi müqtədir, süxənvər və danişməndləri də olubdur ki, hər biri təbi-səlim sahibi imiş. Bunların ismlərini zikr-edib də lazım gördük ki, hər birinin əşarü kəlamından bəzilərini nümunə olaraq məcmuəmizə daxil edək. * * * Şeyx İbrahim Qüdsi Gəncəvi Yuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərindən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcümeyi-halından burada məlumat verilir. Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır. Şeyx İbrahimin ərəbcə və farsca yaxşı biliyi var imiş və müqtədir türk şairlərindən birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən Gəncə şəhərinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi ilə güzəran edərmiş. 1255-də təəhhül edibdir. Belə rəvayət olunur ki, 1261-ci ilə kimi hər sənədə bir qızı vücuda gəlir imiş. 1261-ci tarixdə haqq-taala ona bir oğul kəramət edibdir və şair bundan ziyadə xoşhal olub, ona "Əliəkbər" ad qoyubdur və bu münasibətlə deyibdir: Qəməfza bəyani ke, dər məhzərəst, Ze mən yadeqare-Əli Əkbərəst. Keşidəm bəsi sağər əz xune-del, Həmana ke, tarixe-an "sağər" əst. Şeyx İbrahimin bir təxəllüsü də "Naseh"dir və bəzən "Şeyx" dəki yazarmış. Qüdsinin gözəl qəzəlləri var. Onlardan bir parası türkcədir, amma əsərlərinin çoxu farsi dilindədir. Xacə Hafizin qəzəllərinə timsal olaraq bir çox qəzəllər inşad etmişdir: Ney taqəte-del dari, Ney forsəte-didari, Ney forsəte-didari, Ney taqəte-del dari. — beytlərilə başlanılan qəzəllər kimi. Qüdsi cənabları şiəməzhəb saliklərindəndir. Gəncənin müxtəsər tarixçəsini general Lazarevin xahişinə görə, yazıbdır ki, onun müsəvvədəsi əldədir. Cümleyi-əşarı dağınıq surətdə olduğu halda, eşitdiyimizə görə, hali-həyatda olan oğlu Şeyx İsa həzrətləri onları cəm etməkdədir. Ümidvar ki, tezliklə çapa verilsin. Əşarından əlavə, "Tarixi-müqəddəs" kitabı dəxi tərtib edibdir və lakin mərhumun bu əsəri də hənuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır. Divanına daxil olan şerlər və qəzəllər 150-dən ziyadədir. Cümlə qəzəlləri yeddi beytdən ibarətdir; artıq-əskiyi yoxdur. Əsərləri ələlümum üləma qisminin zəmminə və ruhani sinfinin çirkin və qəbih əməllərinə dair əsərlərdir. Sabiqdə Gəncə şəhərində qəzavət edibdir və sonraları gimnaziya məktəbində müəllim olubdur. Belə ki, Gəncədə əvvəlinci əqaid və türk dilinin müəllimi bu zat olubdur. Bəzi rəvayətə görə, Şeyx İbrahimin Şeyx Nizami ilə qərabəti var imiş. Şeyx həzrətləri ziyadə müttəqi və dindar bir vücud olduğundan ülumi-ilahiyyəyə artıq bələdiyyatı var imiş və Qurani-şərifi əzbər bilirmiş. İdareyi-ruhaniyyədə Şeyx İbrahim rəqabət imtahanı verərkən Qafqazın fərmanfərması — namestniki knyaz Vorontsov həzrətləri də orada var imiş. Şeyxi-mərhumun imtahan vaxtında izhar etdiyi elm və kamalını müşahidə edib, ona afərin və təhsin oxuyub, öz qızıl saatını da bəxş etmişdir. Şeyx İbrahim 1282-ci tarixdə Gəncədə qəflətən vəfat edib; məqbərəsi İmamzadə qəbristanındadır. Şeyxi-mərhum ziyadə ağıllı, zəkavətli və hafizəli möhtərəm bir alim imiş. Aşağıda yazılan qəzəl şeyxin kəlamlarındandır: Eşq məmnu olsa, bəs icadi-hüsnə yox səbəb, Əqli-qate hökmünə zənni rəvayət neyləsin? Eşqdir bais ki, Yusif qissəsi əhsəndürür, Qövli-həqqi danmasın sahibqəvayət, neyləsin? Hüsni-izhar etməyin hüsnünü zahid bilməsə, "Küntü kənzən" qövlünə yoxdur dirayət, neyləsin? Vaiz olsa xudbəxud münkir gərəkdir olmaya, Zahidin haqqı ona etmiş sirayət, neyləsin? Hüsni-cazibdir və gər nə eşq olmaz kimsədə, Eşqə gər dnl verməsin sahibkifayət, neyləsin? Şükri-nemət etməmək küfrandır çün, Naseha, Hüsni-qədrin bilməsin sahibhidayət, neyləsin? Mərhum şeyxin əsərlərindən bundan artıq nümunələr ələ düşmədi ki, burada dərc olunsun. * * * Sabit Şəqaqi Bu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi məlum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yəqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş--Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır. Onun əsərlərindən Mirzə Yusif Qarabağinin məcmuəsinə daxil olan ancaq bir qəzəl ilə bir mürəbbeatıdır ki, hər ikisi burada dərc olunur. Qəzəli-Sabit: Ənbərin rayiheyi-türreyi-canan gətirir, Lütf ilə badi-səba dərdimə dərman gətirir. Deyirəm qasidə: get nameyi-cananı gətir, O gedir sürət ilə qətlimə fərman gətirir. Mən dedim iikhəti-zülfün gətir, ey badi-səba, O gedir başıma sevdayi-pərişan gətirir. Zülf düşgəc yüzünə didələrim əşk tökər, Gün üzün əbr haçan bağlasa, baran gətirir. Baxıb ol şiveyi-rəftarə, töküb qanlı yaşım, Mən bilirdim ki, bu göz başıma çox qan gətirir. Küfri-zülfün ürəfa rəxneyi-iman dedilər, Bu necə küfrdü kim, hər görən iman gətirir?! Mərdümi-didələrim hicr günü Nuhasa, O qədər əşk tökər, axırı tufan gətirir. Sabita, şükr elə, hər izzət üçün zillət var, Demədin vəsl süruri qəmi-hicran gətirir?! Qafiyə: Bürci-nəhsə düşdü kövkəbi-bəxtim, Fələk zülmü mənə nümayan oldu. Zövrəqi-taleyim bəhri-ələmdə Təlatümi-qəmdən binişan oldu. Soldu gül, pozuldu gülşəni-aləm, Şeyda bülbül nərə çəkər dəmadəm, Fanusi-ifayə çünki düşdü şəm Pərvanə gör necə sərgərdan oldu. Pəri, … fələk dad əlindən, dad, Bir dəm eşq əhlini eyləmədin şad, Bir Şirindən ötrü misali-Fərhad Mehdi Bisitunda kuhkən oldu. * * * Şəkər Şirvani Bu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur. MƏKTUBA XİTAB Səni bir səfheyi-əbyəz kitabət eylərəm, kağəz! Hücumi-ləşkəri-qəmdən şikayət eylərəm, kağəz! Yazıb hali-dilim şərhin, hekayət eylərəm, kağəz! Mənim cananımı görsən, əmanət eylərəm kağəz! Təmami-dostlara izhari-səlamət eylərəm, kağəz! Yetib nazik əlin öpcək əzəl həmdü səna ilə, Açılcaq, rubəru olcaq təvaze, xoş səfa ilə, Nəzər məzmununa salsa bemətləb ibtida ilə, Çəkib bir-bir sətirlərdən bəyani-müddəa ilə Səki bir qasidi-əhli-fəsahət eylərəm, kağəz! İnansən, min qəmim vardır, yanımda qəmküsarım yox, Fəğanım bülbülə bənzər, əbəs ki, gülüzarım yox, Gözüm, könlüm təmənnası, əlimdə ixtiyarım yox, Onunçün bu cəhətlərdən həyata etibarım yox. Qərəz beş gün hesab ilə əmanət eylərəm kağəz -- Ki, bilsinlər cüdalıqda vücudum pürsiyasətdir, Qalıbdır bir çürük canım, işim rəncü riyazətdir, Müsahib yar vəslinə yetişmək xoş səadətdir, Aradə nameyi-casus gəlib-getmək dəyanətdir, Cavabın gəlməsə, billah, qiyamət eylərəm, kağəz! Mühəqqər Şəkkəri-zarəm, digərgunəm məlalımdan, Gərək təhrir edəm ancaq sözümdən, razi-halımdan, Gətirdi kilki-mücganım, nələr keçdi xəyalımdan, Dəvati-çeşmimə şəncərf töküldü əşki-alımdan, Səni sürx ilə inşai-ibarət eylərəm, kağəz!. * * * Sənan Şirvani Sənan Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı: Nişanın taci-dövlətdir, səadətlilərin dilbər Həm oldur qübbətül-Kəbə onunçun Həcc olur əkbər. Saçın "vəlleyl iza yəğşa" --dedi həblülmətin əmma Hicabi-günbədi-xəzra düxani-udü ya ənbər. Dü zülfün nafeyi-ahu, veribdir aləmə xoş bu, Siyəhgun rəngdir hindu əlində xosrovi-xavər. Nə xoş qüdrət iki guşun yaratmış xaliqi-yekta, Birisi yasəmən tərhi, biridir həm güli-cəfər. Qabağın mədəni-qüdrət, yədi-beyzadən əfzundur, Mükəmməl səbheyi-xurşid, qəmər ondan tapar ənvər. Qaşındır sureyi-"Yasin", misali-qabə-qövseyn tək Yaşıl tozlu müqəvvəsdir betaği-məscidü minbər. Siyəh kirpiklərin etmiş müsəxxər rübi-məskuni, Görəndə xeyli-üşşaqi atar səhmi, çəkər xəncər. Dü çeşmin fitnələr başi, nə yəğmaçi müqəlliddir, Çəkibdir sinəmə daği siyəh mərdümlərin, kafər! Məşami-ənbəramizin gümüş məftulmudur, ya rəb -- Ki, məğzi-püstə, badamü nüql, xaneyi-şəkkər. Üzün xurşidə tən eylər, bu söz mərufi-aləmdir, Rüxündür ismətüd-dünya, onu mənzum edər əxtər. Yanarın bir güli-tərdir, kimə bu gül müyəssərdir, Camalın şəmsi-xavərdir, tutubdur aləmi yeksər. Çəhi-Kənanə manənddir zənəxdanın bu vəch ilə, Çıxar Yusif kimi andan düxani-qəlb əzin çakər. Müəmma içrə mövhum nöqtəsidir ləli-gülfamın, Onu dərk eyləyən arif deyər yaqutdur, əhmər. Dəhanın çeşmeyi-Zəmzəm dedim, yox qönçeyi-novxiz, Ədəm dəryasıdan çıxmış məgər bu dürci-purgövhər?! Dişindir incilər xasi, dəhanın dürr dəryasi, Birinin qiymətin bilməz verə xaqani-həft kişvər. Məsih əlfazdən izharə yetmiş rütbeyi-canbəxş, Ləbın feyzi əsər qılmış Məsiha nitqdən behtər. Gümüş minamıdır qəddin, çəkilmiş gərdənin qu tək, Zəhi ziba, mələksima, zəhi süni-cahanpərvər! İki duşin fələk bürci, biri qövsi, biri əqrəb, Veribdir piç-tab ilən iki giysulərin ənbər. Dü simi-saidin, sərvi-qəddin firdovs bağında, Yədüllah ilə peyvənddir iki şümşadü bir ərər. Miyani-sədri-əbyazın büsati-bəzmi-xosrovdur, İki şahzadeyi-rumi, biri qəndü biri şəkkər. Zəhi hüsnü zəhi surət, təaləllah, zəhi sənət! Nə qüdrətdir, bu nə hikmət, bu nə sima, bu nə peykər! Əgər zahid səni görsə bu əltafü məlahətdə, Döyər köksünə, qan ağlar, tökər başına xakistər. Səni bimislü bihəmta yaratmış xaliqi-əşya, Pəripeykər, mələkmənzər, firiştəxu, səfidəxtər. Təmənnayi-rüxündən mən edib lütfün diriğ etmə, Gözəlsən, şahi-aləmsən, Sənaidir sənə çakər. Sənainin bu qəsidəsindən məlum olunur ki, ol cənab xeyli güşadətəb və sahibi-zövq bir şair imiş ki, vəsfi-gözəldə bir qüsur qoymamışdır və ənva istiarələr ilə sevdiyi dilbəri mədhü tərif qılmışdır. Bəli…. Əfsus ki, bizim belə rəvantəb və süxəndan şairlərimizin başqa bir doğru və salamat məsləkləri olmayıb da, təbi-gövhərsənclərini bihudə sərf ediblər. * * * Vaiz Əfəndi Şirvani Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur. Qəzəli-Vaiz əfəndi: Mehrü vəfasızların heç kim sözünü qanmaz, Yəğmadən əl götürməz, bidaddən usanmaz. Cahi-cahan gələndə bir tari-muy saxlar, Üz döndərib gedəndə zəncir ilə dayanmaz. Töhmət deyən öziçün, nə söylər özgəsiçün, Utanmayan özündən heç kimsədən utanmaz. Münim yalan deyəndə təsdiq edər xəlayiq, Gər doğru desə müflis, heç kim ona inanmaz. Ey dilbəri-sitəmgər, məğruri-hüsn olma, Heç kimsənin çiraği sübh açılınca yanmaz. Zərfin tünükdü[1], zahid, bir cuş ilə daşarsan, Dəryadilin məzacı seylab ilə bulanmaz. [1]- Tünük — dar və təng mənasınadır. Vaiz, sənin kəlamın hər biri niştər olsa, Hər kəs edərsə qəflət ta həşrə dək oyanmaz. Vaiz əfəndinin bu qəzəlində çox pürməna və həkimanə nöqtələr vardır ki, cümləsi indəl-üqəla məqbul və müstəhsəndir. Bu həqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri özqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elmü kəmalından, bilik və təcrübəsindən asılıdır: "Zəhmət çəkməyən bal yeməz", "cəfa çəkməyən səfa görməz". Bu etiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb tökülür, hər yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxtı onun malü dövlətini, cahü cəlalını saxlamağa "bir tari-muy" kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbal gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşsə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır. Budur ki, atalar deyiblər: "Çox çalışan çarıq yırtar". İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz. Vaiz əfəndinin bu misraına dəxi diqqət yetirməmək olmaz: …. Utanmayan özündən, heç kimsədən utanmaz. Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özgələrə töhmət edən şəxsdən nə hörmət və mərifət təmənna eləmək olar? Өz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərmü həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və böhtanı söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir. Necə ki, deyiblər: Abrını saxla abırsızdan, Həyanı saxla həyasızdan. Bəs, Vaiz əfəndinin bu beytinə nə irad tutmaq olar: Münim yalan deyəndə təsdiq edər xəlayiq, Gər doğru desə müflis, heç kim ona inanmaz. Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənnaları nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cürət ilə söyləyib, düruğgu və hiyləbaz münəccimlərin yalanlarını batil eləsin və haqqı yeritsin. Belə ittifaqlarda hər tərəfdən onun üstünə tənpərvər və nəfspərəst dəni və fürumayə şəxslər hucum edib ağzını qapayıblar və özün də xalq içində bihörmət və biabır ediblər. Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adi bir şey olubdur və hətta bəzi ittifaqlarda hünər sayılır. Bu minval haqqa güc və zor edib kizbü yalana rövnəq verməyin adını "düruği-məsləhətamiz" qoyub Şeyx Sədinin bu hikmətamiz sözlərini başqa dona geydirirlər. Odur ki, Vaiz əfəndi qeyri bir qəzəlində kinayə təriqi ilə demişdir: Demək kim, xəlq ara birəğbətiz, iqbalımız yoxdur, Zəmanə mövsimi-dəsmaldır, dəsmalımız yoxdur. Kəmali-zatımızdır, şükrililləh, eybdən ari, Rəvacın verməyə tərif edən dəllalımız yoxdur. Hümayiz üstüxan ilə qənaətpişə kərkəs tək, Şikari-cifeyi-dünya üçün çəngalımız yoxdur…. Ağız kəskinliyiçün dəxli çoxdur yal-kuppalın, Şikəstəbəstə fəqriz, yalımız, kuppalımız yoxdur. Səbükruhül-müşərrəf məşrəbiz fariğ təkəllüfdən Zəmanə əhlinə lazım olan sanbalımız yoxdur. Zəmanə halidir, Vaiz, həya eylə həyasızdan, Həyasızla həyasızlıq edəcək halımız yoxdur. Mərhum Vaizin bu kəlamı dəxi onun müasirlərinin avam və zahirpərəst olmaqlarına şəhadət verir. Hər kəsin ki, saqqalı uzun və pəhnalı və cübbəsi faxir və papağı uca olubsa, onun hörməti artıq və sözü ötkən olubdur. Mərifət əhli isə şikəstəpər və müztəribbal olub özlərini avamın etirazından və cühəlanın zülmü sitəmindən kənarda saxlayıb, meydanı ağzı yallılara, yal və kuppal sahiblərinə veriblər. * * * Axund Molla Hüseyn Marağalı "Dəxil" Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir. Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş: NƏZM Vəh nə gülşən, çeşməsarı cuyi-xun, Novcavanlar nəşi sərvi-vajəgun. Qanə batmış türrələrdir sünbülü, Pənbeyi-daği-cərahətdir gülü. Bir tərəf güllər tamam olmuş xəzan, Bir tərəf məbhut durmuş bağban. Bir tərəf bihəm əsər badi-səmum, Bir tərəf zağü zəğən eylər hücum. Qüdsiyan ol gülşənə heyran həmə, Vadiyi-heyrətdə sərgərdan həmə. Bir belə gülşəndə ağlar bülbülü, Qan içində tərbiyət tapmış gülü. Etdilər diqqətlə çün hər yan nəzər, Gördülər açmış zəban susən deyər: Bu çəməndir bustani-Kərbəla, Məqtəli-pirü cəvani-Kərbəla. Bu həngamədə məlaikələr cəmiyyən bina qoydular təfərrüc ilən Kərbəlanın gülşəninə baxmağa. Mütəvəcceh olub, tainki gördülər: Bir tərəf qan içrə yatmış bir cavan, Hülqi-pakından olur al qan rəvan. Aşiyani-mürği-peykan peykəri, Pay ta sər zəxm cismi-ənvəri. Bəs ki, dəymiş tirü xəncər abdar, Hər səri-muyi olub bir çeşməsar. Yusifi-Misri kimi gülgun qəba. Seyd tək xəncəri-gürgani-cəfa. Kimdi, ya rəb, ol cəvani-mahru? Kimdi, yaran, ol ğəzali-mişkbu? Ümmi-Leylanın Əliyyi-Əkbəri, Kərbəla sərdarının gülpeykəri. Gördülər bir yanda düşmüş xarüzar, Bir uca qamətli qolsuz şəhriyar. Bəs ki, cismindən olub al qan rəvan. Kuhü səhranı edib dəryayi-qan. Kimdi, yaran, ol qəribi-naümid, Təşnələr səqqası Abbasi-şəhid. Naz ilən xab eyləyib bir sərvinaz, Türrəsi eylər səbadən ehtiraz. Cismi-pakı sərbəsər zəxmi-sinan, Kakilindən telbətel qanı rəvan. Olmamış bir ləmhə həmağuşi-yar, Buyi-vəsl ilən olub bihuşi-yar. Gül kimi cismində qanlı pirəhən, Parə-parə nəşinə olmuş kəfən. Peykərində zəxmi-pürxuni-sinan, Şərhi-dərdi-hicr üçün açmış zəban. Bəs ki, qan cari olub hər dağdən, Laleyi-həsrət bitib toprağdən. Mən nə hacət kim, edim adın bəyan, Qan hənası eylər əhvalın əyan-- Kim, odur damadi-şahi-Kərbəla. Təşnələb qurban olan kuyi-vəfa. Cənab Əli Əkbərin şənində yazdığı qəsidənin başında bəladan bəhs edib belə buyurur: Hədisdir ki, vəla əhlinə bəla gətirir, Bəla nə qədr gələ qəlbə incila gətirir. Tilayi-qəlb əgər qəlp ola şərari-bəla, Nə qədər artıq ola, artıcıq bəla gətirir. Mərizsən, mərəzindən mərəz edib qafil, Sənə həmişə təbibi-xuda dəva gətirir. Bəla dəvadır, əgərçi gəlir təbiətə təlx, Vəli məzacına şirinliyi riza gətirir. Əgər bəlanı qəbul eyləsən riza ilə, Olara ruzi-cəza əhsənül-cəza gətirir. Məriz hali-dil ilə dəvayə talib olur, Əgərçi qal-qiyli hərfi-narəva gətirir. Deyil təbib, ilahi, mərizdən qafil, Odur ğəza gətirən, sən demə qəza gətirir. Həmişə hikmət ilə hökm edər təbibi-həkim, Qəbul et sənə hər nə dəva ğəza gətirir. Pəriyü cinnü bəşər aqibət bəlayə düşər, Bu hökmü xəlqə Süleymani-Kərbəla gətirir. Fəna yelinə büsatın verib bilib ki, fəna Həmin büsat dəva ilə çün liqa gətirir. Düşüb bəlayə ki, naəhli-həqq ola agah-- Ki, xəlqi daireyi-həqqə ibtila gətirir. Əliyyi-Əkbəri kuyi-bəlayə oldu dəlil, Salıb dalınca onu xəlqə rəhnüma gətirir. Ki, ümməti edə əsrari-şərdən agah, Dübarə ümmətə peyğəmbəri-xuda gətirir i.a…. İmam Hüseyn bacısı müxəddəreyi-ülya cənab Zeynəb xatuna buyurduğu bəzi xitabatü fərmayişatdan bir neçə əbyat: Xoş ol zaman ki, çıxam bu hicabi-kəsrətdən, Tapam bu kəsrət ara bir nişanə vəhdətdən. Məhaldır ola tərki-əlayiqi-məxluq, Könül gər olmaya agah sirri-xilqətdən. Neçün məhəbbət ilə mərifət olur zahir-- Ki, xəlq zahir olub məbdeyi-məşiyyətdən. Gərək həmişə ola xaliqə təvəccöhi-xəlq, Ğəzayi-ruh alalar vəhcəti-vəcahətdən. O vaxtı əks salır surəti-cəmali-ilah-- Ki, qəlb ayinəsi pak ola küdurətdən. Könül hərimi-ilahidi qeyrə yol vermə, Həramdır hərəmi-həqqi, salma hörmətdən. Rəva deyil ola bir yerdə yar ilə əğyar, Əgər kişi olasan, çox uzaqdı qeyrətdən. Əgər xülusilə lillah ola əməl fillah, Nə bak salik üçün tənəvü şəmatətdən. Özünə xaliqi-məbudi etgilən məhbub, Əgər varındı şikayət əzabi-firqətdən. Olanda vəslinə talib yanında hazırdır, Hüzuri-talibi eylə xilas vəhşətdən. Hicabsən özünə sən özün özündən çox, Cəmali-yarı çıxar ta niqabi-qeybətdən. Məcaz mənzərəsindən nə qədər keçməmisən, Həmişə varsan uzaq mənzili-həqiqətdən. Cəmali-şahid o vaxtı olur sənə məşhud-- Ki, kamyab olasan şahidi-şəhadətdən. Özün şəhidü özün şahidü özün məşhud Olursan, olsan əgər pak lövsi-kəsrətdən. Səni bu can eləyib əcnəbi, mənim canım, Bu canı qan ilə yu, ta çıxa cinayətdən. Bu surəti sənə surətdə göstəriblər olar-- Ki, tərki-surət edib çıxmayıbla surətdən. Hüseyn tahir idi, əthəri-mütəhhər idi, Yenə yuyub üzünü qan ilə təharətdən. Yuyubdu zahiri batin kimi əlayiqdən, Çəkibdi ali-hərəm hicleyi-xidarətdən. Qılıbdı qəlbini fariq şüuni-dünyadə Əyalü malü mənalü cəlalü şövkətdən. Edibdi izzətini tərk "ya əziz" deyib, Təvəhhüm eyləməyib inkisarü zillətdən. Cənab Leylanın oğlu Əli Əkbərə olduğu məhəbbəti izhar edib, bilümum məhəbbətdən söyləyir: Məhəbbət əhlinin əhvalı bərqərar olmaz, Məhəbbət olduğu yerdə həyavü ar olmaz. Məhəbbət əhli həras eyləməz məlamətdən-- Ki, hər nə fikrinə gəlsə, çıxar məhəbbətdən. Səriri-məsnədə əyləşdi eşq sultanı, Şikari-hökm ilə eylər qulam mövlanı. Məhəbbət aşiqə məşuqi çün əziz eylər, Ananı oğluna bir kəmtərin kəniz eylər. Çün ixtiyar ilə olmaz məhəbbətin səbəbi, Həmişə aşiqə lazımdı sədmeyi-qəlbi. Məhəbbət olsa edər tazə qaidə təsis, Məhəbbət ilə yetər abruyə miqnatis. Olur məhəbbət məhbub ilə müqabil ola, Xüsus o vaxta ki, məhbub əsli-qabil ola. Gərəkdir aləmə məhbub ola Əli Əkbər, Bu qabiliyyətə şahiddi cəddi peyğəmbər. Tutub həbibi-xudayə şəbahətni güvah-- Ki, ol cəvanə deyilsin gərək həbibüllah. Həzrət Abbasın atı Üqabın tərifində yazıbdır: Minəndə sabitü möhkəm bəsani-kuhi-əzim, Havalanandan uçardı havada çün təyyar. Rəuf sahibinə çün mərakibi-cənnət, Şədid düşmənə həmçün cəhənnəmi-qəhhar. Gəzəndə yerdə mələk tək əlü əyağına Nisar üçün tökülürdü səvabitü səyyar. Urardı daməni manəndi-taziyaneyi-sim Çəkəndə şeyhə çəkərdi fənayi-düşmənə xar. Üqab üstə çü şəhbaz nizəsi çəngal, Xədəngi-şəhpəri-minqarı xəncəri-xunxar. Çəkib Üqab çü məhmiz döndü bir dalıya, Dedi Hüseynə: xudahafiz, ey şəhi-biyar, Həlal eylə, gedirəm, yalqızam, dua eylə, Atam Əli yanına gəldi vədeyi-didar i.a…. Cavani-valaşani-şücaətnişanü rəşadətbünyan, yəni Əli ibn Hüseynin müqabili-səfi-üdvanda durub zəbani-fəsahət-tərcümanı ilə bətəriqi-rəcəz söylədiyi nüktədən bir qitə: BƏHRİ-TƏVİL Bilin, ey ləşkəri-kafərfərü bədtinətü bədheybətü biqeyrətü übbadi-sənəm, nəngi-üməm, hatiki-səttari-hərəm, düşməni-ərbabi-kərəm, mühriqi-Qurani-xuda, mözeyi-yarani-xuda fasiqü həm facirü həm ariqü həm şaribü həm zaniyü həm latiyü həm layiü əlqabi-kilab, afəti-əhbabi-ləinani-bədayin, müridani-şəyatin, cəfacuy cəfakar, xətadidə xətakar, mənəm şibhi-peyəmbər, mənəm nayibi-heydər, mənəm misli-Qəzənfər, mənəm sahibi-xəncər. Bir cavanəm ki, vəcahətdə, səlabətdə, səbahətdə, səxavətdə, şücaətdə, məlahətdə, təravətdə, təlaqətdə, lətafətdə, nəcabətdə, nəzafətdə mənə yoxdu bərabər nə nəbiyyü nə vəliyyü nə səxibü nə nəqibü nə fələkdə mələkü əncümü ənvari-məhü möhrü sitarə. Mənəm xəlqdə, həm xülqdə həm nitqdə mirati-rəsuli-mədəniyyü Qüreyşi məzhəri-övsaf Əli şiri-xuda şirsəda mehtərü həm kəhtərü həm xaceyi-Qənbərü həm saqiyi-kövsərü həm qatili-Əntərü həm qalei-Xeybər ənə Əli ibnəl-Hüseyn. Yoxdu hərçənd mənim tək dəxi bir sahibi-şəmşiri-şərərpeykərü həm xəncəri-xuncövhərü tizü təbərü nizeyi-suzən-güzərü sahibi-Səmsami-pələngəfkənü düşmənşikən əmma nə edim çarə bu küffarə necə tiğ çəkim xun töküm bikəsü biyarü mədədkar nə bəradər, nə əmim həzrəti-Abbas nə Ovnü nə Cəfər cigərim təşnə, atam təşnə, anam təşnə, susuzlar qəmi bir yanda, susuzluq qəmi bir yanda özüm yekkəvü tənha, tutub çevrəmi əda, gəlib üstümə yeksər, çəkib qətlimə xəncər məni-bikəsü biyar, nə bəradər nə Ovnü nə ləşkər ənə Əli ibnəl-Hüseyn. Rəhm qıl, ey məlikül-ərş, bu biyarü diləfkarə ki, yox tabü təvanım, quruyub təşnə dəhanım, yanır ağzımda zəbanım, nə təbibim, nə həbibim, tutub ətrafı rəqibim baxıram hər yana nə həmnəfəsim var, nə bir dadrəsim var, tutub dövrəmi ləşkər, alıblar ələ xəncər edər qülqülə əşrar urar həlhələ küffar, atam bikəsü biyar, anam xiymədə ağlar, bibim zülfün açıbdır, bacım rəngi qaçıbdır, çıxıb nalə hərəmdən bu çövrü sitəmdən hanı Cəfəri-təyyar, hanı həmzeyi-sərdar, nolub Əhmədi-Muxtarə, nolub Heydəri-Kərrarə görə zarü zəliləm, qəribəm, Dəxiləm, gələ dadıma o sərvərü sərdari-dilavər görə bu ləşkəri-əbtər tutub dəşti sərasər ənə Əli ibnəl-Hüseyn. Və üzün qoşun camaatına tutub buyurdu: Sizdə əgər Yəzidi-bədəxtər nişanı var, Gündən işıqdı bizdə peyəmbər nişanı var. Mən nayibi-Hüseyn, Hüseyn varisi--Əli, Məndə Hüseynü Heydərü Səfdər nişanı var. Vardır atam Hüseyndə çün surəti Əli, Etsə qəbul məndə də Qənbər nişanı var. Olmaz hərif kimsə mənə, məndə, bixilaf, Abbasi-namdarü dilavər nişanı var i.a. Dəxilin xah nəsr ilə və xah nəzm ilə yazılmış kəlamı onun təbinin mətin və rəvanlığına və lisanının güşadəvü fəsihü bəliğ olmasına şəhadət edir. Şerində əsla bir rəkakət və siqlət görünməyib, vəzni, rədif və qafiyəsində əsla bir eyib və qüsur müşahidə olunmur. * * * Bahar Şirvani - Mirzə Nəsrullah İbn mərhum Hacı Əbülqasım Şəmaxi "Bahar" Mirzə Nəsrullah Bahar Şamaxının ən müqtədir şairlərindən birisi hesab olunur. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil. Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Hacı Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur. Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar. Bahari-namdar hicrətin 1251-ci tarixində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş. Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şer və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmən tərcümə edərmiş. O cümlədən qəzəli-məşhurdan: Moğan kəz daneye-ənqur ab misazənd, Setareha şekənənd, aftab misazənd --beytini belə tərcümə etmişdir: Əngur danəsin ki, əzəllər şərab üçün, Guya sitarələr pozulur afitab üçün. Yenə məşhur beyti: To ke, əz xordəne-mey ləle-ləbət rənginəst, Bəs səbəb çist ke, mey təlx, ləbət şirinəst?! --belə tərcümə qılmışdır: Gər mey içməklə sənin ləli-ləbin rəngindir, Səbəbi bəs nədi mey təlx, ləbin şirindir?! Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur. Fars, ərəb və türk dillərini kamalınca təhsil etmişdir. Müasiri mərhum Abdulla bəy Asi kimi Bahar dəxi laübali və laqeyd bir şəxs imiş ki, kefi istədiyi kimi azadə dolanıb, heç kəsin hökmü fərmanına itaət etməzmiş və övqatını eyşü işrətdə keçirərmiş. Onun bu gunə rindisifət dolanmağını dayısı xoşlamayıb və bir qədər ona pul verib və mayəmləkdən ixrac etdikdə şair bədahətən bu məzmunda bir qitə demişdir: Dayım məni Həzrəti-Adəm kimi Buğda yedim çıxartdı cənnətdən. Beş-on tümən nədir mənim karıma, Şükri-xuda qurtardım minnətdən. Dayısından aldığı məbləği bir az müddətin zərfində kənarda xərcləyib, şəhərə müraciətində həməsri olan Molla Qədir Naci Şirvani ilə görüşdükdə bu beyti bədahətən demişdir: Bir aydan sonra gəldim şəhrə, ey Naci, hilalasa, Məni el lağərü üryan görüb, meyil etmədi əsla. Baharın bədihəguluqda binəzir bir şair olduğu müxəmməsi-məşhuri-atisindən aşikarən məlum olur. Şamaxıda məşhur Hacı İbrahim bəy bağında rüfəqaları Əndəlib Kaşani, Naci Şirvani, Seyid Şirvani və qeyriləri olduqda rəfiqlərindən birinin hüzurda olmadığına görə, xadimi onun dalınca göndərdikdə birqələmə yazdığı qəsideyi-bədihiyyəsidir ki, belə başlanır: Neşəst aftabha, meye-ço aftab ku? Ço şod neqare-məhleqa, piyaleye-şərab ku? Sorude-rud, mey koca, təraneye-robab ku? Became-bossədin koca meye-ço ləle-nab ku? Becane-mən qolamikə konun şetabe-kar kon[1]. [1] Tərcüməsi: Günəşlər hamı əyləşdi, günəşə bənzər mey hanı? Ay qabaqlı gözəl necə oldu, şərab piyaləsi hanı? Neyin nəğmələri hanı, rübabın təranəsi hanı? Mərcan cam hanı, saf ləl kimi mey hanı? Sən mənim canım, ay qulamciyəz, tez ol! Cəhalət və təəssübün, ələlxüsus, təəssübi-cahilanənin düşməni olub, onun kökünü və rişəsini qazıb çıxartmaq üçün məhafilü məcalisdə məqalələr və gözəl nitqlər deməkdən əsla çəkinməzmiş. Məcalisdə sözlərinin haqq olmasını şafi dəlillər vasitəsilə sübuta yetirərmiş. Belə ki, bir kərə bir məclisdə mövhumat və əsatiri-əvvəlin babında mübahisəyə girişdiyi vaxt tərəfi-müqabilə söz anlatmaq üçün bir misal gətirmişdir. Belə ki, deyibdir: "Əfəndilər! İndi mən bu divara bir inək şəkli çəkərəm və o inəkdən sizin üçün süd sağaram". Müstəmein iştiyaqi-tamam ilə israr etmişlər ki: "Cənab mirzə, lütfən mərhəmət edin, bir baxıb seyr edəlim". Bahar cavabında demiş ki: "Bəli, əfəndilər, sizlər mötəqid olduğunuz mövhumatın əksəri bu qəbildəndir. Bunca təfəkkür və təəqqül etmirsiniz ki, divara çəkilmiş inək şəklindən süd sağmaq məhal və qeyri mümkündür. Bu payədə sadəlövhlükdən süd tələb edirsiniz". Necə ki, zikr olundu, mərhum Bahar müasiri Abdulla bəy Asi və Seyid Şirvani kimi badəpərəst olub, çox açıq və xövfsüz meyi-nabı tərif qılarmış və bəzi vaxt Şeyx Xəyyam kimi onun tərifində əndazədən keçərmiş. Necə ki, bir məclisdə münasibətən bu beyti oxumuşdur: Bade vəhyəsto səbukeş cəbrəil, Hər ke inra mixorəd, peyğəmbərəst[2]. [2] Tərcüməsi: Badə vəhydir, Cəbrail isə saqi, Hər kim bunu içsə, peyğəmbərdir. Əhli-məclis bunu eşidib küllən əleyhinə qiyam edib, onu tənü lən etməkdən çəkinməmişlər. Təkfirinə üləmadan dəxi hökm olunmuşdur. Əlhəqq, Baharın bu halı biçarə Abdulla bəyin halına çox müvafiq gəlir. Hər iki şair ziyadə xoştəb və şirinkəlam və nəcib və xoşxülq olduqları halda əsiri-badeyi-gülfam və şərabi-bədfərcam olub, abru və hörmətlərini itirib, təbi-rəvanpərvərlərini boş şeylərin üstünə sərf etmişlər. Yuxarıda zikr olunan vəqədən sonra mərhum Mirzə Nəsrullah Şirvanda artıq iqamət edə bilməyib, tərki-şəhru diyar edib İrana müsafirət etmişdir və Tehranda Nəsrəddin şaha bir qəsideyi-qərra təqdim etmiş ki, mətləi budur: Şəbəm benalevo ruzəm qozəşt dər tari, Fəğan ze gərdeşe-in asemane-zənqari. Qozəşt əz səre-bam aftabe-omr hənuz, Ze bəxte-xofte nədarəm omide-bidari. Xəmide şod qədəm əz bare-mohnəte-əyyam, Bəli, xəmide şəvəd qamət əz gəranbari. Mənəm sepehre-qəmin şadəm ke, şəb ta sobh Setarehaye-sereşkəm konənd səyyari. Bebustane-cəhan həmço bide-məcnunəm Konəm tərəqqiye-məkus dər nequnsari[3] i.a. [3] Tərcüməsi: Gecəm nalə, gündüzüm qaranlıqda keçdi, Fəğan bu paslı göylərin dövranından. Ömrümun günəşi damımdan keçdi, Artıq yatmış bəxtimin oyanmasına ümidim yoxdur. Dövranın möhnətindən qəddim əyildi, Bəli, ağır yükdən qamət əyilər. Mən qəmli asimanam, xoşbəxtəm ki, gecələr sübhə qədər Göz yaşımın ulduzları seyr edirlər. Dünya bostanında məcnun söyüd kimiyəm, Üzüaşağı--əksinə tərəqqi edirəm i.a. Bu qəsideyi-qərra vasitəsilə Mirzə Nəsrullah şahın xidmətində təqərrüb hasil edib, hüzur şüəralarından məhsub olmuşdur və axırda "Məliküşşüəra" ləqəbini almışdır və ona şahın xəzinəsindən məvacib təyin olunmuşdur. Haman vaxtlarda şair xaricdən bir müəllim tutub fransızca təlim almağa məşğul olub, bir az vaxtın ərzində firəng lisanını bir dərəcədə kamil öyrənmişdi ki, o dildə şer deməyə dara olmuşdur. O cümlədən ərəbcə, farsca, türkcə və fransızca dediyi bir qəzəldir. Ərəbcəsi: Əya xilləti qəd nəqəztil-uhud, Aufərti minhu yaumə məhsud[4]. [4] Tərcüməsi: Ey dostum, əhdlər pozuldugundan Həsrətli günlərim çoxaldı. Farscası: Ze dəste-fərağət çenan zar geryəm-- Ke əz dide cari konəd Zenderudi[5]. [5] Tərcüməsi: Sənin ayrılıgının əlindən elə zar-zar arlayıram, Sanki gözdən Zindərud (daşqın çay) axır. Türkcəsi: Yetişməzmi naləm sənə, ya ilahi, Dağıtmazmı ahim bu çərxi-kəbudi? Fransızcası: Siel, ou suis--je, ou etais--ye ou seral--ye ah? Reut on supproser une nouvelle assez rude? Shere amie serai--ye en etat de desouvrire? Vous vestige en Est, Oueste, nord, sud[6]? [6] Tərcüməsi: Mən nerdəyəm, mən nerdə idim, nerdə olacagam, Bu qədər çətin bir müəmma olurmu? Ey dost, mən səni bula biləcəkmiyəm Şərqdə, qərbdə, şimalda ya çənubda? Məşhur rəvayətə görə, Mirzə Bahar 1295-ci sənədə Tehrandan Təbrizə əzimət qılmışdır və burada təəhhül ixtiyar edib sakin olmuşdur. O vaxtlarda Təbrizdə iqamət edən ingilis səfiri ilə tanış olub, səfir şairin elmü kamalını və əxlaqi-həsənəsini görüb onunla səmimi dost olmuşdur. Tarixi-hicriyyənin 1300-cü ilində ki, miladın 1883-cü sənəsinə mütabiqdir, aləmi-bəqaya rehlət edib və "Məqbərətüşşüəra"da vətəndaşı Xaqaninin həmsayəliyində dəfn olunmuşdur…. Vəfatından sonra rəfiqi olan ingilis səfiri mərhumun türkcə, farsca və fransızca olan təranələrini və əsərlərindən bəzini əmanət təriqi ilə almış ki, London şəhərində təb etdirsin, vəli tabəhal ondan bir xəbər və nişanə yoxdur. Ancaq mərhum Baharın tərcümeyi-halına dair məlumatı möhtərəm Hacı Səfdər Şirvani cəmləşdirib lütf üzü ilə bizə göndərmişdir. Ol cənabın yazmağı ilə şairin əlhal əldə olan əsərlərindən məşhuru bunlardır: türkcə — "Qəzəliyyat"ı, farsca — "Divani-qəsaidü qəzəliyyat"ı və "Töhfətül-İraqeyn" adlı məsnəvisi və "Nərgis və gül" adlı bir kitabı vardır ki, heç biri hala təb olunmamışdır. Bu əsərlərin heç birisi bizim nəzərimizə çatmayıbdır. Ancaq bir neçə qəzəliyyat fars lisanında bizə Ağaəli bəy Əfəndiyev "Naseh" təxəllüs göndəribdir ki, çap olunur. Qəzəli-Bahar: Nemiquyəm ke, del əz dəst giro şad kon mara, Əgər bini ze pa oftadeira, yad kon mara! Becan dadən nəxahəm şekve kərdən əz cəfaye-to, Təvani hər çe, ey namehreban bidad kon mara! Nəqoftəm ğeyrra əz rəhm kon ommidvare-xod, Tora qoftəm ke yek şəb quş bər fəryad kon mara! Bexun balo pərəm dər keş əgər ze azare-mən şadi, Benaləm gər ze courət, əz qəfəs azad kon mara! Behəsrət ta key, ey həmaşiyan, sər zire-pər manəm, Xodara, rəhbəri bər xaneye-səyyad kon mara! Bovəd ta key deləm xun dər vosal əz olfəte-ğeyrəş, Kocai, ey şəbe-hecran, biya, emdad kon mara! Konəm ta çənd əz to çon Bəhar ezhare-naşadi, Berahi qah-qahi əz neqahi şad kon mara[7]! [7] Tərcüməsi: Mən demirəm ki, ürəyimi əlimdən almaqla sən bizi şad elə, Bir əldən düşmüşü görəndə bizi yada sal. Can verəndə sənin cəfandan şikayət etməyəcəyəm, Ey namehriban, bacardığın qədər bizə zülm elə. Demədim ki, qeyri rəhm ilə özünə ümidvar elə, Sənə dedim ki, bir geçə bizim fəryadımıza qulaq as. Məni inçitməklə şad olursansa, qol-qanadımı qana boya, Əgər sənin çəfandan nalə eləsəm, qəfəsdən bizi azad elə. Ey həmaşiyan, nə vaxta qədər başım qanad altında həsrətlə qalsın, Allah xatirinə, bizi ovçu evinə sarı yolla. Sənin əğyar ilə ülfət vüsalında olmağından nə vaxta qədər mənim ürəyim qan olacaq, Ey hiçran gecəsi, hardasan, gəl bizim dadımıza çat. Bahar kimi nə vaxtadək səndən şad olmadığımı bildirim. Hərdən bir yolüstü bizi öz baxışınla şad elə. Əyzən qəzəli-Bahar: Ruze-vəsləst, xodara, bekoş əz naz məra, Baz bər həsrəte-didar məyəndaz məra! Ba həme couro cəfa suye-to ayəm çe konəm, Beqozarəd del çon gəşte bexod baz məra. Ah əz in şiveye-səyyad ke əz səngdeli, Beşkənəd balo dəhəd roxsəte-pərvaz məra. Cay darəd ke xoda xanəmət, ey məh ke, çenin Hər nəfəs mikoşiyo zende koni baz məra. Çe qədr naz be mən mikoni əz koştəne-mən, Kərdei zende məgər, ey bote-tənnaz, məra?! Beçenin dideyi-keryano roxe-zərde-Bəhar Aşekara nəşəvəd çon becəhan raz məra[8]. [8] Tərcüməsi: Vəsl günüdür, ya rəb, məni naz içində öldür, Məni yenə görüş həsrətinə salma. Bütün bu cövr-cəfanla sənə sarı gəlirəm, nə edim [ki], Ürək məni yenə özbaşına gəzməyə qoysun. Aman daş ürəkli ovçunun bu adətindən ki, Qanadımı sındırır, sonra da mənə deyir uç. Eh mah, yeri var ki, səni allah adlandırım, Çünki hər nəfəsdə məni öldürüb, sonra yenə dirildirsən. Məni öldürmək üçün mənə nə qədər naz edirsən, Məgər, ey gözəl qamətli büt, məni sən yaratmısan? Baharın belə ağlar gözü və saralmış bənzi Mənim sirrimi dünyada faş eləməyəcək. Əyzən qəzəli-farsiyi-Bahar: Rixti, bərhəm zədi gisuyi-ənbərfamra, Baz rosvaye-gəhan kərdi məne-bədnamra. Şod moşəvvəş əz deləm zolfe-to, ari, mişəvəd Əz təpidənhaye-morğ aşoftegiha damra. Vəde dadi sobh bər vəsləm, məgər danestei Hecre-to bər mən bərabər kərde sobho şamra?! Qoftəməş: Siminbərətra xahəm əndər bər keşid, Qoft: Ro, əz del borun kon in xəyale-xamra. Gər besurət bər to manəd surəte-bothaye-Çin, Vaceb aməd səcde kərdən bəd əz in əsnamra. Henduye-zolfət əgər zin qune qəsde-din konəd, Səcdeqahe-kofr sazəd qebleye-eslamra. Çon koni bər mostəhəqqan bəxşe-neməthaye-hosn, Bər Bəhare-xəstədel əvvəl bedeh doşnamra[9]. [9] Tərcüməsi: Ənbər saçan saçını töküb pərişan elədin, Yenə mən bədnamı rüsvayi-cahan elədin. Mənim ürəyimin çırpıntısından sənin zülfün pərişan oldu, Bəli, quş çapalayanda qəfəsdə pərişanlıq olar, Mənə vədə verdin ki, sübh çağı vəslə çatacağıq, Məgər bilirdin ki, sənin ayrılığın mənim gecə-gündüzümü bərabər edib?! Ona dedim:--Sənin gümüş bədənini bağrıma basmaq istəyirəm, Dedi:--Get, bu xam xəyalı başından çıxar. Əgər surətdə Çin bütləri sənə oxşasalar, Bundan sonra sənəmlərə səcdə eləmək vacib olar, Saçının qaralığı əgər dinə belə qəsd eləsə, İslamın qibləsini kafirlərin səcdəgahına çevirər. Müstəhəqq olanlara gözəl nemətlər bəxş edirsənsə, Əvvəlçə ürəyi xəstə Baharı söy. Qəzəli-farsiyi-Bahar: Şəvəd bexak nehan sobhe çon şərab dər ayəd, Setare celve nədarəd ço aftab dər ayəd. Ze şərm mah keşəd sər bexak pirəhəne-sobh, Şəbi ke mahe-mən əz xane bineqab dər ayəd. Ze didənət rəvəd əz dide gər sereşkəm, əcəb nist, Dər aftab ço bini ze dide ab dər ayəd. Ze şərhe-qesseye-zolfe-to şəb nəxosbəm əgər çe Deraz şod ço hekayət ze dide xab dər ayəd. Məgər ze çine-do zolfe-to kərde nafe qoşayi Ke əz nəsime-səhər buye-meşke-nab dər ayəd. Ze geryeəm ləbe-lələş şəvəd be xənde qoşude, Bəli, bexənde qol əz geryeye-səhab dər ayəd. Ze yade-xuye-roxəş şod Bəhar təbqozari, Ço qətre dər sədəf oftəd dore-xoşab dər ayəd[10]. [10] Tərcüməsi: F. Köçərli bu qəzəlin altı beytinin bədii tərçüməsini aşağıda verdiyi üçün burada onun yalnız son beytinin tərcuməsi verilir: Bahar sənin üzündəki tər damcısını yada salıb ilhama gəldi. Damcı sədəfə düşəndə təmiz durr əmələ gələr. Əgər fars ədiblərinin ən məşhur və kamili bu qəzəllərdən hər birini mütaliə edib diqqət yetirə, anladığımıza görə, yenə də təşxis edə bilməz ki, bunlar türk oğlunun kəlamıdır. Bundan məlum olur ki, mərhum Bahar fars dilinin şivəsinə və üsuli-inşasına bir dərəcədə bələd imiş ki, onu öz ana dili kimi bilirmiş. Baharın bu qəzəlləri müasiri olan Qaaninin və sair məşhur fars şairlərinin kəlamına bənzəyir. Xaqani Şirvaninin səfəhati-İranda o qədər adı və şöhrəti yoxdur, nə qədər ki, Baharın namü nişanı və ehtiramı ziyaddır. Farslar özləri iqrarü etiraf edirlər və Xaqaninin şerlərini oxuduqda deyirlər: "Buye-tork miayəd"[11]. Və lakin Baharın kəlamına o qəbil isnadat verilmir. [11] Tərcüməsi: Türk ətri gəlir. Cinas, eyham, təşbihat və istiarat istemalında Bahar mərhum Qaaniyə bərabər imiş. Bu qövlümüzün təsdiqi üçün axırıncı qəzəldən bir neçə beytlərin tərcüməsini burada gətirməyi lazım gördük: Günəş doğub asiman üzrə tülu etdikdə ulduzların cilvəsi pozulub, nəzərə gəlmədiyi kimi, şərabi-gülfam dəxi məclisə gəldikdə təsbeh tarları gözdən düşüb məhvü nabud olur. Sənin nurani üzünü gördükdə gözlərimdən yaş axmağı təəccübünə gəlməsin, zira ki, günəşə hər kəs baxsa, gözlərindən su axar. Sənin müəttər və uzun saçının qissəsini şərh etdikdə gecələr sabaha kimi yatmadığım ondandır ki, hekayət tul çəkdikdə gözdən yuxu gedər. Mənim ağlamağımdan onun lələ bənzər dodaqları xəndə edib gül kimi açılır, yəni mən ağladıqca nigarım gülür. Bəli, bunda təəccüb yoxdur, həmişə göy üzündə bulud ağlayanda çəməndə gül xəndə edir və hakəza. Baharın türk dilində yazdığı şerlərdən bir neçə qəzəlləri ələ düşdü ki, burada dərc olunur. Qəzəl: Mey nuri cilvə eylədi cami-bülurdən, Cami-büluri gör ki, ləbaləbdi nurdən. Ruxsarın atəşi məni yandırdı durdən[12], Əlbəttə, yandırar, düşə gün gər bülurdən. [12] Tərcüməsi: "Yandırdı durdən məni ruxsarın atəşi" olmalıdır Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər, Ta "mərhəba!" səsi gələ əhli-qüburdən. Zahid sözilə kim büti-meyxanədən keçər, Özü görək keçirmi behişt ilə hurdən[13]? [13] Tərcüməsi: Zahid sözilə mən necə meyxanədən keçim, Zahid özü keçərmi behişt ilə hurdən?--[olmalıdır]. Ol bivəfa tutarmı vəfa ilə dəstimi, Basmaz ayağını gözümə çün qürurdən. Meyxanəyə Bahar qürur ilə meyil edər, Zahid qüsura meyl qılır [kim] qüsurdən. Qəzəl: Zülfün kimi qaraldı könül dudi-ah ilə, Eşqində iddia edərəm bu güvah ilə. Netsin o tari-zülfünə bu qan olan könül, Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?! Hər guşəsində gözlərinin min bəla yatıb, Necə can almasın belə göz bir nikah ilə? Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə, Necə ki, bağban gülü bağlar giyah ilə. Müjgan səfini sinəmə çəkmək rəva deyil, Gəlmək xərabə mülkə nə lazım sipah ilə?! Fikri həmişə qanını tökməkdir aşiqin, Muxtardır, nə etmək olur padişah ilə! Meyxanəyə Bahar girib "ya sənəm" deyir, Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə[14]. [14] Tərcüməsi: La ilahə illəllah….--allahdan başqa allah yoxdur…. (Q u r a n ayəsindən). Qəzəl: Hər kim ki, hicri-yar ilə düşsə dimağdən, Heç açılırmı könlü onun seyri-bağdən? Sordum sorağını, dedilər qeyrə yar olub, Ey kaş lal olaydı dilim bu sorağdən. Ölməkdən özgə yox mənə eşqində bir vüsul, Pərvanə yanmağın sevər ancaq çirağdən. Bir lalə üzlü yar çəkib dağ sinəmə, Ya rəb, sən etmə sinəmi xali bu dağdən! Yetdikdə gül dodağına mey bilməzəm alır Meydən dodaq nəşəni, ya mey dodaqdən?! Sənsiz əgər bahar açıla istəməz Bahar, Nə qönçə bardən açıla, lalə dağdən. Qəzəl: Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta, Xoş olur sünbül əgər açıla gülzarı tuta. Hər zaman müşki-Xitadən iy oğurlar zülfün, Möhtəsib hanı ki, bu düzdi-xətakarı tuta? Bilməyirsən neçə min aşiq olub zülfünə bənd, Zülf qalmaz sənə gər hər biri bir tarı tuta. Hiç insaf deyil, zülfünə canım qurban, Mən duram, özgələr ol türreyi-tərrarı tuta. Qorxum oldur ki, görə zülfünü zahid nagəh, Buraxıb sübheyi-səddanəni, zünnarı tuta. Nə əcəb etməsə ol şux mənimlə göftar, Neyləsin, yox o qədər arzı ki, göftarı tuta. Yalvara-yalvara zülfün nə olur tutsa Bahar, Çox əcəb sanmayın əfsungər əgər marı tuta. Qəzəl: Ləli-ləbin ki, xəlq deyirlər şərab ona, Xasiyyəti-şərab tapar yetsə ab ona. Şirin ləbin ki, ləl ürəyin qanə döndərib, Yoxdur üzündə qanı, deyən ləli-nab ona. Görmək şüai-arizini kimdə tabi var, Bitablıq edib nə salırsan niqab ona?! Gündən-günə saraldı, görüb hüsnünü yenə, Girməz yerə ki, qarşı çıxar aftab ona. Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim, Ağzın deyəydi kaş açılıb bir cavab ona. Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar, İmanə gəlməz, oxuyasan min kitab ona. Qəzəl: Tutsam şərabı gər ləbinə tay, haramdır, Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır. Ruxsarın üzrə zülfünə baxdım o qədr kim, Gördüm ki, gün qürub eyləyib, vəqti-şamdır. Mahi-tamam səhv ilə bir gün dedim sənə, Hər kəs eşitdi, dedi: bu söz natamamdır. Zalım, bu qədr könlümü qan etməyin nədir, Qan etmədim, dedim ləbinə ləl, namdır. Zahid bilirmi hiç miyanın hekayətin, Nazik sözü nə bilsin o kəs kim, avamdır. Zahid, təvafi-Kəbəni qoy, bir güzar qıl, Meyxanə içrə gör nə səfalı məqamdır?! Dedim ki, şəhddir ləbin, ey canı cismimin, Dedi: görün Bahar nə şirinkəlamdır. Qəzəl: Derdim o məst gözlərinin çox bəlası var, Gördüm o qara zülfü onun da xətası var. Hərgiz behiştə meyl eləməz, huri istəməz, Hər aşiqin ki, sən kimi bir dilrübası var. Derlər bahadır ağzına can, bilməzəm neçün Bu yox olan şeyin bu qədər çox bahası var? Müjganın ilə çeşmini gər sorsalar nədir, Bimar piri gör ki, əlində əsası var. Bir naz ilə xuramə gəl, ey sərv, ta görək Hüsn içrə hansı sərvqədin iddiası var. Yox eybi gərçi hicrin ilə ölməgin, vəli Çeşmin görəndə ölməgin özgə səfası var. Fəxr eylə kim, qulamınam, ey xublər şəhi, Hansı şəhin Bahar kimi bir gədası var? Mərhum Baharın türk lisanında yazdığı başqa kəlamlarından, məəttəəssüf, ələ gətirə bilmədik. Onların vasitəsilə şairin qədrü qiyməti və dərəceyi-kəmalü təbi-şeriyyəsi daha da artıq təhqiq və təyin olunardı. * * * Dərbənd şairləri Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi. Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı. Xaqan dostluq və qərabəti mənzur edib mane olmadı və Keyqubad şah indiki Dərbənd olan məhələ külli memar və bənna və fəhlələr göndərib, dəryanın kənarında iki tərəfli xeyli mətin və möhkəm hasarlar çəkdirdi və onun içində bir şəhər bina etdirdi. Təmirat tamam olandan sonra sərəskər və bir memarbaşı şaha xəbər verdilər ki, haqq-taalanın övni-mərhəməti ilə təmirat hasilə gəlibdir. Haman şəhərin adını "Babül-əbvab" qoyub, şahın hökmü ilə üç min ev İrandan oraya nəql olunmuşdu və bundan əlavə şəhəri mühafizət etmək üçün üç min atlı qoşun dəxi oraya göndərilmişdi. "Dərbəndnamə" sahibi rəvayət edir, zəmani ki, şəhər uca və zorba hasarlar və dəmir qapılar ilə möhkəmləşir və şah bilmərrə xatircəm olub, Xaqanın qızını gətirdiyi halət üzrə, yəni ona müqaribət et[mə]miş atasının üstə göndərib, öz xəyanətini və fasid niyyətini büruz edib və bu əhvaldan sonra xəzərlər ilə iranlıların arasında böyük cəngü davalar vüqua gəlib, amma nüsrət yenə Keyqubad tərəfdə olur və bir müddət İranın nüfuzu haman yerlərdə artır. Belə ki, Keyqubad şahın oğlu Nuşirəvani-adil haman ətrafda və Dağıstanın çox yerlərində şəhər və qəryələr bina etdirir. Nuşirəvanın vəfatından sonra xəzərlər yenə külli qoşun ilə Dərbənd səmtinə hücum edib, oralara malik olurlar və hətta İraqi-əcəmin və Azərbaycanın çox yerlərini zəbt qılırlar. Vəqti ki, Cəzirətül-Ərəbdə dini-mübini-Məhəmmədi zühur etdi, onun nuru ətrafü əknafa dağılıb da bir ləməsi Qafqaziya dağlarını və ətəklərini münəvvər elədi və Dərbənd qalası ərəblərin yədi-təsərrüfünə keçdi. Xəzərlər ilə ərəblərin arasında dəfəat ilə böyük davalar vüqua gəlibsə də, xəzərlər həmə vaxt məğlub və münhəzəm olublar. Ən böyük davanın birisinə qırx nəfər ərəb bahadırlar Səlman ilə Rəbiətül-Xeylin sərkərdəliyi ilə özlərini qəlbi-ləşkərə vurub, xeyli cəsarət və rəşadətdən sonra özləri dəxi şərbəti-şəhadət nuş ediblər. Onların qəbri şəhərin şimal tərəfində vaqe olan məzarıstanlıqda ümumi bir hasarın içindədir. Böyük, uzun qəbirlər yan-yana düşüblər və "Qırxlar" adı ilə məşhur ziyarətgahdır. Dərbənd hasarları bu halda dəxi hər kəsin diqqətini cəlb edəsi bir əlamətdir ki, keçmiş bənna və memarların fünuni-təmiratda nə dərəcədə mahir və qabil olmaqlarına böyük şəhadət edir. Bu hasarın cənub tərəfinə beş darvaza və şimal tərəfinə üç darvaza qoyulub və bu darvazaların bəzisinin üstünə kufə xətti ilə "la ilahə illəllah Məhəmmədün rəsulüllah" yazılıbdır. Şəhərin yuxarı tərəfində qədim və vəsi bir məscid bina olunubdur. Onun asari-qədimədən olduğuna həmin bu kifayət edir ki, onun təmiri 130 ildən ziyadədir. Onu Əbumüslüm bina etdiribdir. Demək olar ki, Qafqaz məmləkətində onun misli yoxdur. Sonralardan Şah Abbas Səfəviyi-mərhum əsrində onun əmri ilə yeddi yerdə məhəllə məscidi bina olunubdur və neçə yerlərdə mütəəddid çeşmələr gətirdib və yeddi ab-anbar bina etdiribdir. Məzkur binalar bu halda da mövcuddur. Rus dövləti Dərbəndi iki dəfə təsxir edibdir. Əvvəlinci dəfə 1722-ci sənədə Pyotri-kəbirin qoşunu ilə, ikinci dəfə 1796-cı sənədə İmperator Pavelin əsrində. Dərbəndin Rusiyaya mülhəq olması 1806-cı sənədə vaqe olubdur. Bu şəhərin əhalisi qədimdən islam dinində olduğuna görə, həmişə şüari-islamı müraat edib, dindarlıqda və dinpərvərlikdə şöhrət bulublar. Ramazanül-mübarək və məhərrəmülhəram aylarını kəmali-sədaqət və ehtiram ilə zöhdü ibadətdə və təziyədarlıqda keçirməyi müqəddəs vəzifələrindən hesab edirlər. Xüsusən Şühədayi-Kərbəla üçün əla mərtəbədə təziyə tutub, rövzəxanlığa və şəbihkərdanlığa artıq meylü rəğbət göstərirlər. Şəbih binası yüz ildən ziyadədir ki, Dərbənd şəhərində qoyulubdur. Hər əsrdə bu şəbih ümuratına mübaşir olan şairlər olubdur. Amma bu dəstgaha cümlədən artıq rövnəq verən şüəra üç nəfərdir: Mirzə Kərim Şüai, Mirzə Cəbrayıl Süpehri və Mirzə Məhəmmədtağı Qumri. * * * Fatimə xanım "Kəminə" Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1]. [1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi. Mirzə Fatimə xanım təvəllüd edibdir Şuşa qalasında 1257-ci[2] tarixdə. Təlim və tərbiyəsi dəxi Şuşa qalasında olubdur. [2] 1841. Mirzə Bəybaba Fənanın övladı xilqətdən sahibi-fəhmü kiyasət və əhli-zövqü fərasət olduğu cəhətə, Fatimə xanım dəxi əyyami-tüfuliyyətdən öz fitri kamalati-zehnü fərasətilə çoxlarını heyrətə gətirərdi və müasirləri içində özünə artıq şöhrət və hörmət kəsb etmişdi. Mirzə Fatimə xanım türk və fars dilində yaxşı savad əxz edib, hər iki lisanda gözəl şerlər yazırdı. Təxminən dörd-beş yüz əfradi-şerü qəzəlləri vardır. Onlardan bəzisini təyəmmünən [buraya] daxil qıldıq. Qəzəli-farsiyi-Kəminə: Dər rəhe-eşqe-to, ey dust, çenan naşadəm, Çon qobare-rəhe-to dade fələk bər badəm. Morğe-bibalo pəri budəmo dər qeyde-qəza, Dam qostərdo gerefto behiyəl səyyadəm. Ahuyi budəmo rəm kərde bekuhe-ommid, Heyrət arəm bekəmənde-to ke, çon oftadəm. Ze ahe-sərde-dele-pordərd nətərsi səhləst, Zatəşe qəhre-xoda tərso bekon azadəm. Təlxkaməm bekonəd şure-to çon Şirini, Kuhe-səbri bemoje bər konəm əz Fərhadəm. Dər həme omr ço pərgar beğəm gərdidəm, Vəh-vəh əz gərdeşe-çərxe-fələk estadəm. Çon Kəmine nəkonəd ğeyre-to bər kəs elhaq, Ey xoda, dəste-məra kir, ze pa oftadəm[3]. [3] Tərcüməsi: Ey dost, sənin eşqin yolunda elə naşadam ki, Fələk məni sənin yolunun tozu kimi yelə verdi. Qəzanın qəfəsi içində qolsuz-qanadsız quş idim, Ovçu tələ qurub məni hiylə ilə tutdu. Bir ceyran idim, məni ümid dağında ram etdin, Heyrət edirəm ki, mən sənin kəməndinə necə düşdüm. Əgər mənim dərdli ürəyimin soyuq ahından qorxmursansa, Allah qəzəbinin atəşindən qorxub məni azad elə. Sənin şurun mənim ovqatımı təlx etmişdir, çünki sən Şirinsən, Fərhaddan fərqli olaraq mən səbr dağını kipriyimlə qazaram. Pərgar kimi ömrüm boyu qəmlə dolandım, Ey ustadım, aman bu çərxi-fələyin gərdişindən. Kəminə səndən başqasına yalvarmadığından, Ey allah, əlimdən tut, əldən-ayaqdan düşmüşəm. Qəzəli-türki: Düşər könlüm, əzizim, qanə sənsiz, Gəlir şamü səhər əfğanə sənsiz. Səninlə duzəxin narına yannam, Behiştdə baxmazam qılmanə sənsiz. Edən abad memari-vüsalın Olubdur hicrdə viranə sənsiz. Müsəddər bəzmi-vəslində olan dil Neçün hicran çölündə yanə sənsiz?! Gülüstani-vüsalə həsrət oldum, Dönüb aləm mənə zindanə sənsiz. Ənis olmuşdu dil ol şəmi-qəddə, Yanar, billah, necə pərvanə sənsiz. Nə sənsiz qəm əyağına əl urram, Nə də nuş eylərəm peymanə sənsiz. Olur bərhəm, pərişan qanə dönmüş, Könül zülfə çəkəndə şanə sənsiz. Dilimdə zikrsən, könlümdə fikrim, İki aləm dəxi əfsanə sənsiz. Kəminə, ey hərifi-bimürüvvət, Ola, qorxum budur, divanə sənsiz. * * * Cövri-rəqib, sərzənişi-əhli-ruzigar Qoymaz qılam bu dərdi-dili yarə aşikar. İşrətsərayi-könlümü, ey yari-tündxu, Hər dəm cəfavü qəhr ilə gəl etmə tarmar. Hicrində dürri-əşk, vüsalında nəqdi-can Bilməm, hüzurü qeybətdə eylərəm nisar. Gülşəndə gör nə şur ilə bülbül fəğan edir, Guya ki, şax üzrə gülə həmdəm oldu xar. Dil intizari-vəsldə pamali-fikr olub, Tən atəşi-fərağdə çün muy biqərar. Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən, Əhsənt xoş məqamdəsən, olma huşyar. Dövran ki, saqiyi-qəmə olmuş həvalə, gör, Bu dövrdə Kəminə kimi kimdi kamgar. * * * Ey dil, rəva deyil ki, mən əğyarə yalvarım, Sən rəhnümalıq eylə, gedim yarə yalvarım. Murü mələxü möminü asidi mütməin, Lütfi-xuday qadiri-qəffarə yalvarım. Rumü firəng, özbəkü hində nə ehtiyac, Qeyr əz xuda gedim necə tatarə yalvarım. Hər vəqt təngə düşsən, əlindən tutar Əli, Müşkülgüşadı, Heydəri-Kərrarə yalvarım. Hər dəm qılır cəfa mənə çün tən ilə rəqib, Şahi-qəyurü qolsuz ələmdarə yalvarım. Kani-vəfavü qeyrəti-Abbasi-namvər Görməz rəva xəbisü xətakarə yalvarım. Mənsur tək çəkibdi məni darə zülfi-yar, Yad eyləyim "ənəlhəqini" darə yalvarım. Bülbül sifət nəvayə gətirdin Kəminəni, Sevdayi-gül başımda, necə xarə yalvarım?! * * * Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır, Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır. Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakin Səri-kuyində dövr edən xəyali-biqərarımdır. Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan, Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır. Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylər Səri-zülfün kimi bərhəm pərişan ruzigarımdır. Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir, Həmişə naləvü əfğan mənim də şüğlü karımdır. Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun, Mənim də dövlətü cahım bu eşqi-paydarımdır. Kəminə bivəfa görsə səni, vallahı incinməz, Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır. Mirzə Fatimə xanımın qəzəlləri biri-birindən gözəldir. Cümləsini buraya daxil etmək olmaz. Fatimə xanımın Mirzə Rəhim Fəna cənablarına ki, onun seyyidüş-şühəda İmam Hüseyn həzrətlərinə təkyə saxlamağı barəsində həcv təriqi ilə yazdığı şerə verdiyi cavab dəxi şayani-diqqət şerlər isə də, burada çap olunması münasib görülmədi. Amma Gəncə sakini "Fani" təxəllüs şair Kəminə kəlamını Fəna kəlamına üç beyt ilə belə tərcih veribdir: Yazmış Kəminə şeri-Fənayə əcəb cavab, Verməz cavab şer ilə bu növ hiç kəs. Düşdü nəzər kəmali-Fənavü Kəminəyə, Tərcihi-əql qoydu bu əşarə pişü pəs. Şeri-Kəminə çün əsəli-şəhdi-xoşgüvar, Durmuş Fəna kəlamı müqabildə çün məgəs. Və Axund Molla Hüseyn Qazaxi "Sabit" təxəllüs ki, "Ağbaş" ləqəbi ilə məşhurdur, Kəminənin kəlamını Fənanın əşarına tərcih tutub, belə yazıbdır: Söz yox Kəminə sözləri novqönçə bikrdir, Öz gülbüni-vüsalına yox gərçi dəstrəs. Hər sətri rast sərvə vurar tənə dur ki, dur, Hər ləhnü hənəgi kəbki edər süxrə kəs ki, kəs. Eyhami-rəmzi hüqqeyi-pünhanı tək nihan, Çatmaz ona təsəvvüri-idraki-hiç kəs. Şeri-Kəminə ləhceyi-Məryəmcə ruhə zad, Şeri-Fəna məaniyə atdan gələn nəfəs. Şeri-Kəminə Rəxşi-səbükseyri-mərifət, Hər bir qədəmdə şeri-Fənadən salıbdı təs. Şeri-Kəminə xatiri-əhbab tək əziz, Şeri-Fəna vəsavəsi-şeytan kimi nəhəs. Sabit, Fəna iş əhlidi, məğrur edər səni, Qövğa günündə məst olu "köhlən" ləqəb fərəs. Burada, bizim zənnimizə görə, hər iki şair Kəminənin kəlamını Fəna əşarına tərcih tutmaqda və Fənanı bir növ təhqir və xəcil etməkdə mübaliğə ediblər, zira Mirzə Rəhim Fəna cənabları ziyadə müəddəb və sahibi-mərifət bir vücud olduğundan bir kəsin qəlbinə toxunmaz. Onun Kəminəyə tutduğu bir para iradlar haqq deyilsə də, elə bir böyük xəta da deyil ki, şairə ondan artıq töhmət gəlsin. Şair ancaq zərifanə şairənin gözəlliyini, əhli-hal və sahibi-dil olmasını və batindən ona meylü rəğbət bağlamasını izhar edibdir. Qareini-giramı şəkkdən çıxarmaq üçün Fənanın inşa etdiyi kəlamın axır beytlərindən bir neçəsini burada zikr etməyi lazım gördük: Huriyü şəni-Şişə olub cəm bəzminə, Guya pəridi, Şişə ara yoxdu bir nəfəs. Şəkkər ləbin nabat, vəcahətdə çox əziz, Olmaz cahanda hüsnünə manənd hiç kəs. Müddətdi könlümün sənə gizlin nikahı var, Daim xəyal onunla edər nalə çün cərəs. Dərd əhlisən, çifaydə həmdərdin olmadı, Bidərdlər olurmu sənin ilə həmnəfəs? Sahibdil olmağın var imiş cana möhnəti, Sahibdil oldu gərçi Fəna, yoxdu dadrəs. Fatimə xanım həqiqətdə çox gözəl və zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə şüəravü ürəfayi-Qarabağa böyük bir yas oldu. Fatimə xanım vəfat edibdir Şuşa qalasında 1316-cı[4] tarixdə, payız mövsümünün ibtidasında ki, tarixi-məsihiyyənin 1898-ci ilinə və sentyabrın əvvəlinə müvafiqdir. [4]1318. * * * Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi" "Beyti-xamuşan" üzvlərinin müqtədirlərindən birisi də Rzaqulu bəy oğlu Həsən bəy idi ki, "Həsən Qara" və "Hadi" təxəllüsü ilə məşhur idi. Onun türk və fars əşarü qəzəliyyatı çoxdur. Nümunə üçün bir türk qəzəli bu məcmuəyə daxil olundu: Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var, Vüsali-sübhi-ruyin feyzinə çox intizarım var. Kəsilmiş taqətü tabü təvanım, tarı şahiddir, Nə yol bullam vüsalə, hicrə nə səbrü qərarım var. Nigara, məhcəbina, qəddi-sərvin iştiyaqında Edən hər ləhzə cari çeşmə çeşmi-əşkbarım var. Sənə birəhmlik bunca nədəndir bilməzəm, zalim, Gətirməzsən xəyalə kim, mənim bir dilfikarım var. Hüzurunda, əzizim, zərrəcə hərçənd qədrim yox, Vəli qəmlər yanında şaxisəm, çox etibarım var. Sənin əqdi-sürəyya tək cəbinində ərəq mənzum, Mənim də xab görməz dideyi-əncümşümarım var. Açar müjgan oxu, Hadi, xəyalımdan neçə rövzən, Xəyalə girməyə, vəh-vəh, nə bəxti-huşyarım var. Bəzi rəvayətə görə bu Həsən Qara haman Hadiyül-Müzəllindir ki, "Əkinçi" qəzetinin banisi Həsən bəy Məlikov və "Əkinçi"nin müqtədir mühərrirlərindən Əhsənül-Qəvaid cənabları aşura günü baş çapmağın qəbahətini və şəriəti-qərraya ziddü bərəks olmasını yazdıqları üçün Həsən bəyi həcv etmişdi. Həsən bəy isə qəzetə əlavə olunan qitələrdən birisində Hadiyül-Müzəllinin həcvini atidə zikr olunan irad ilə məən dərc etmişdi: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini, onun xahişinə müvafiq tamam çap etməyə izn olmadı. Ona binaən onların bir para nalayiq və hədyan sözləri qaldı. Amma ol cənab və onu fitləyən əşxaslar məyus olmasın ki, belə kamallı sözlər pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olunan həcvi tamam qazıdım ki, gələcəkdə bizim övlad o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm". Hadinin həcvi bu sayaq başlanır: Ey edən fisqini aləmdə nümayan Həsən! Dadamayan dəhrdə bir ləzzəti-iman Həsən! Şəri-qərrayə vuran qəsd ilə nöqsan Həsən! Eyləyən öz-özünü bisərü saman Həsən! Qarabağ əhli artıq dindar və övladi-Mustafaya dustdar olduqlarından "ağköynək məsələsi"nə irad tutmaq onlarda dinə toxunan və naşayəstə əməllərdən biri hesab olunurdu. Cənab Həsən bəyin bu məsələni araya qoymağı, xüsusən ibtidayi-karda, qırx il bundan əqdəm ki, indiki halımıza nisbət camaatımız cəhalət və avamlıq halında idilər, əlbəttə, böyük bir səhv idi və "Əkinçi"nin bir nömrəsində Qarabağ əhlindən bir nəfəri Həsən bəyə kağız yazıb, ona məlum etmişdi ki, aşura barəsində qəzetdə çap olunan hadisə cümləmizi mükəddər etdi və bəzilərini sizin qətlinizə dəxi mühəyya edibdir. Hadiyül-Müzəllin Qarabağinin cavabı ki, mərhum Hacı Seyid Əzim tərəfindən yazılmışdı, "Əkinçi"nin 10-cu nömrəsində 1294-cü ildə ki, tarixi-məsihiyyənin 1877-ci ilinə mütabiqdir, çap olunmuşdu. Haman cavabı bir para həcvmanənd bəndlərindən savayı eynilə burada zikr etməyi münasib gördük: Ey olan hadiyi-ərbabi-zələalət Hadi, Ey Müzəllini edən həqqə hidayət Hadi, Eylədin sən ki, bu mehdiliyə adət, Hadi, Elə bəs aləmə təbliği-risalət, Hadi! Leyk peyğəmbər olan həcv eləməz ümmətini, Kişi lazımdı çəkə ümmətinin qeyrətini, Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini, Sənə bu həcv nə fərz idi, nə sünnət, Hadi! "Əhsənül-Qaidə"nin sahibi, yaxud özü bəg, Yazmış idi: nə rəva xəlq olur ağköynək? Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək, Nə üçün eylədin izhari-ədavət, Hadi?! İnşaallah saba-birgün yetişir mahi-əza, Gey kəfən, yar başını, tök yaşını, bağla qara, Səni meydanda görən kimsə desin: namxuda Eləyibdir yenə aləmdə qiyamət Hadi. Əlini tutmadı bir kimsə ki, qardaş, sənin, Can sənin, cism sənin, tiğ sənin, baş sənin, Cəm ola baxmağına sünni, qızılbaş sənin, Baxıban onlara sən eylə fəxarət, Hadi! Kim deyər ağlama sən Kərbübəla sərvərinə, Canımız cümlə fəda olsun onun Əkbərinə. Ağladı ərzü səma təşnə ölən Əsğərinə, Onu inkar edənin zatına lənət, Hadi! Leyk siz bir para bidətlər edibsiz icad, Qoymusuz adını siz təziyə, ey əhli-fəsad! Sizə bu təziyədən özgə həvəslərdi murad, Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! Bu deyilmi qərəzin başını sən çapmaqdan, Yəni ki, canımı cananə edərdim qurban, Malını bəs nə üçün eyləməyirsən ehsan, Quru baş çapmağa sən etmisən adət, Hadi! Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza, Sənə nifrin edəcək padşahi-Kərbübəla, Bədənin zəhmətinə şərdə yoxdur fitva, Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi? Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq, Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq! Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq? Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi! Bu hədisi nə zaman zikr qılıb peyğəmbər-- Ki, olur rus diliylə oxuyan kəs kafər? Allah, allah, bu nə böhtandır, ey hiylətgər, İxtilafati-lisandır bizə nemət, Hadi! Kim ki, bir dil bilə bir nemətə ol vasildir, Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir, Leyk aləmdə hər ol kimsə ki, naqabildir, Edəcək qeyr lisanı o, məzəmmət, Hadi! Biz də müddət "Zərəbə Zeyd" kitabın oxuduq, Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq, Barı biz taifə əzzəldə yenə bir…………, Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi! Tut, Həsən bəy, bizə təlim eləyir dərsi-zəlal, Götürüb boynuna ol kafər olub vizrü vəbal, Niyə təlimə siz ətfal qılırsız irsal, Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi? Oxudur cümlə uşaqlarını xanü bəyiniz, Neməti-rus ilə pərvərdə olub cəmdəyiniz, Bilməyən rus dilini bəlkə ola tək-təkiniz, Sizdədir hamıdan artıq ona rəğbət, Hadi! Mərhəba mülki-Qarabağ əzadarları, Tarı əfzun eləsin siz təki dindarları, Seyyida, bəsdi, əgər görsə bu əşarları, Çəkəcək tutduğu kirdarə xəcalət Hadi! Haman sənə "Əkinçi"nin 12-ci nömrəsində Hadiyül-Müzəllinin əfzəli-şüəra Hacı Seyid Əzim Şirvaninin cavabında yazdığı əşar dərc olunmuşdu. O kəlami-mövzunu dəxi burada zikr edirik: Ey bizi həcv qılan şairi-dövran Əzim, Seyyidü sərvərü sərdari-süxəndan Əzim, Dəhr gülzarı ara bülbüli-xoşxan Əzim, Əzizim, ikki gözüm, cəddinə qurban, Əzim! Şənin üzmadı əgər biz deyilik əzmi-rəmim, Abi-heyvan dəkisən, biz dəxi qəssaq, həmim, Seyyidin təbi kəramətli olur, nəfsi səlim, Nə rəvadır deyəsən hərzəvü hədyan, Əzim? Sən əgər ali-Əlisən, hanı qeyrət, de görüm! Haşimisən, qürəşisən, hanı qeyrət, de görüm! Allah, allah, nədi bir böylə qəsavət, de görüm! Sakit ol, samit otur, sındımı peyman, Əzim?! Cəddini mədh edən vəqtdə, əya alicənab, Niyə qarnına düşüb sancı, edirsən təbü tab? Sən də mən kimi gözün yaşını tök, başını çap, Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim! Aç bəsirət gözünü şahi-şəhidanə tərəf, Baxgilən Kərbübəla səmtinə meydanə tərəf, Məhliqa canları gör, tiği-cəfa ilə tələf, Gör ki, sən də olusan qanına qəltan, Əzim! Şur başında əgər olsa, bilirsən ki, nə var, Eşq gülzarına gəl, seyr elə bir, keçdi bahar, Qumriyü bülbülü cüğdü necə gör zarü fikar Eşq sultanına olmuşlar əzaxan, Əzim! Gər desəm həcv sənə, cümlə müsəlmanə dəyər, Zəmm daşın gər atam, şişeyi-imanə dəyər, Bədənə hadis olan sədmə yəqin canə dəyər, Nə edim, çarə nədir, cuş qılır qan, Əzim! Hüsni-xülqi bizə məlumdu Mirzə Həsənin, Yox lüzumu o cənabə dəxi iqrar sənin, Mənbəi-feyzdir aləmlərə kani-kərəmin, Mədəni-elmü ədəb, məlcəi-ürfan Əzim! Kim deyir rus dili bidətdir aləm ara, Cahili əlsinələr xiclətdir aləm ara, Hər dilin mərifəti izzətdir aləm ara, Mərifət elmini kim eylədi ketman, Əzim! Dəxi bihudə danışma sən, əya paknihad, Nəfsi-əmmarə ilə Hadi kimi eylə cəhad. Hüzn ilə qan yaş axıt, eyləgilən cəddini yad, Nariza olmaya ta şahi-şəhidan, Əzim! Hadiyül-Müzəllinin Hacı Seyid Əzimə verdiyi ədəbiyyata cavabından aşikarən görünür ki, Şirvan şairinin Qarabağda artıq hörmət və ehtiramı var imiş və Qarabağ şairləri ol cənabı özlərinə fünuni-şerdə ustadi-mahir və mürşidi-kamil mənzələsində tutarlarmış. Hadinin cavabı onun özünün dəxi sahibi-təbi-səlim olmasını göstərir. "Əkinçi"nin 1294-cü sənəsində çap olunan 9-cu nömrəsindən belə məlum olur ki, Hadi sabiqdə Həsən bəyin zəmmində yazdığı həcvmanənd şerlərindən bir növ peşman olub, mühərrir əfəndidən üzrxahlıq eləyir və "ağköynək məsələsi"ndən təqsiri Əhsənül-Qəvaidin üstə həvalə edib deyir: Biya ke, noubəte-solhəsto aştiyo inayət, Beşərte-an ke, nəquyim əz ançe rəft hekayət[1]. [1] Tərcüməsi: Gəl ki, sülh, barışıq, inayət vaxtıdır, O şərtlə ki, söhbətin nədən getdiyindən danışmayaq. Bu barışıqdan sonra Hadinin nəzm və nəsr ilə yazılmış bəzi asari-qələmiyyəsi "Əkinçi"nin səhifələrində görünür. * * * Hacı Əbülhəsən Raci Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a. [1] Tərcüməsi: Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu. Hacı Əbülhəsən Racinin tərcümeyi-əhvalına dair bizdə olan cüzi əxbardan məlum olur ki, ol mərhum təvəllüd edibdir tarixi-məhəmmədiyyənin 1247–1252-ci[2] illərində Təbriz şəhərinin Xiyaban məhəlləsində. Təlim və tərbiyəsi öz şəhərində olubdur. Ömrü qırxdan qırx beşə kimi olubdur. Vəfatı Həcc ziyarətindən müraciət edəndə olubdur. Cəddədə gəmiyə oturanda əsnayi-rahda dəryaya qərq olubdur və bu hüznavər hadisə hicrətin 1292-ci[3] ilində vaqe olubdur. [2] 1831–1836. [3] 1875. Şairin əhibbalarından birisi--"Səbur" təxəllüslü--Racinin belə qafil, vətəndən kənarda vaxtsız vəfatı barəsində yazdığı bir növhədə onu belə vəsf etmişdir: Ey dəriğa ke, həzrəte-Raci Çon zər əz kiseye-əhibba rəft. Bihədd əfsus, sədhezar dərir Ke, behəsrət ze dare-donya rəft. Dağe-ferqət nəhad bər dele-ma, Suxt əz hecre-u dele-ma rəft. Nə şəbəm şəb, nə ruze-mən ruzəst, Huşəm əz sər, ze del şəkiba rəft. Bi to ey çeşmeye-çerağe-sorur Rouşənai ze çeşme-bina rəft. Xake-qəm çərx bər səre-ma rixt-- Ke, tora xare-mout bər pa rəft. Heyf əz an şahbaze-qolleye-Qaf-- Ke, beqafe-ədəm ço Ənqa rəft. Zan kəmalate-u hezar əfsus-- Ke, bebade-əcəl beyekca rəft. Ey mohiti ke, xun şəvəd abət, Abe-ru əz roxe-to əz ma rəft. Ey ze şure-to şur dər delha, Vəz şəre-to şərər becanha rəft. Kaş an dəm ke, u bekəşti şod, Hokme-"ya ərzu ibləi ma" rəft. Ahü vahəsrəta ke, mədfəne-u, Gəşt penhan vəli ze peyda rəft. Qəbruhu fi qulubi min valast, Gərçe dər zaher əz nəzərha rəft. Gəşt çon Xezr zendevo cavid Ta bezolmate-mərg tənha rəft. Yunesasa ze Mesre-dare-fəna Bərdəhane-nəhənge-oqba rəft. Və minəl-mai kullu şeyin həyyun, Zende baz şode Xezrasa rəft. Şod rəvan suye-cənnətol-məva, Tayere-qodse-xod beməva rəft. Cesm boqzaşto sərbesər can şod, Əz doi sələb gəşt yekta rəft. Həmço qol va şod əndər in qolşən, Pa keşid əz çəmən, beyəğma rəft. Peye-didar bude həmço Kəlim, "Ərni" quyan be Ture-Sina rəft. Şahede-mənəvi nəmudəş rox Həmço Musa peye-təcəlla rəft. Əz meye-eşq corei nuşid, Baz çon bade suye-mina rəft. Əz ərz pak gəşto couhər şod, Həmço ruh əz kədər mosəffa rəft. Yari peyvəst aqebət ba yar, Ançe mikərd əz an təmənna rəft. Qələme-ənbərinşəmime-Səbur Bəhre-tarix kərdən enşa rəft. Yaft əz kələmeye-"əya ğəffari", Bəhre-təhrir kərdən emla rəft[4]. [4] Tərcüməsi: Heyif ki, həzrət Raci Dostlarının kisəsindən qızıl kimi getdi. Hədsiz əfsus, yüz min heyif Dünya evindən həsrətlə getdi. Bizim ürəyimizə ayrılıq dağı çəkdi, Ürəyimizi ayrılığı ilə yandırıb getdi. Nə gecəm gecə, nə gündüzüm gündüzdür, Başımdan huşum, ürəyimdən səbrim getdi. Ey şadlıq çirağının çeşməsi, sənsiz Gözlərimin işığı getdi. (Yəqin) fələk başımıza qəm torpağı töküb-- Ki, sənin ayağına ölüm tikanı batdı. Heyif o qülleyi-Qafın tərlanından-- Ki, Ənqa kimi ədəm (yoxluq) Qafına getdi. Heyif onun kəmalatından-- Ki, əcəl küləyi ilə birdəfəlik (heç olub) getdi. Ey suyu qan olan ümman, Sənin və bizim uzümüzün suyu getdi. Sənin şurundan ürəklərdə şur var, Sənin qığılcımından canlara qığılcım düşdu. Kaş o, gəmiyə minəndə "Ey yer, suyu ud" hökmü veriləydi. Yüz min təəssüf ki, onun qəbri Pünhan oldu. Onun qəbri allah adamlarının qəlbindədir, Hərçənd o, zahirən nəzərlərdən (uzaq düşüb) getdi. Ölüm zülmətinə tək getdiyinə baxmayaraq, O Xızr kimi diri və əbədi oldu. Yunis kimi dari-fəna Misrindən Axirət nəhənginin ağzına getdi. Hər şey su ilə diridir, Diri bir quş olub Xızr kimi getdi, Cənnət evinə tərəf yollandı, Muqəddəs quş özu evinə getdi. Cismi qoyub başdan ayağa can oldu, İkiliyi tərk edib tək getdi. Bu gülşəndə gül kimi açıldı, Çəməndən ayaq çəkib heçliyə getdi. Kəlim kimi görüş arzusunda idi, "Ərni" deyərək Sina dağına getdi. Üzü mənəvi gözəl kimi görsəndi. Musa kimi təcəlla ardınça getdi. Eşq şərabından bir qurtum içdi, Yenə badə kimi Minaya tərəf getdi. Ərzdən təmizlənib cövhər oldu, Ruh kimi çirkabdan təmizlənib getdi. Nəhayət, dost öz dostuna çatdı, Arzu elədiyi məqsədə yetişdi. Ətirli, ənbərli, səbirli qələm Onun tarixini yazmaq üçün gedib "Əya ğəffari" ifadəsini tapıb yazdı. Səbur cənablarının burada yazılan şerlərindən məlum olur ki, mərhum Hacı Əbülhəsən Racinin şənü rütbəsi dost və əhibbası arasında xeyli tutulurmuş. Mərhum şairin pişəzvəqt qafil ölməyi əhibbalarını böyük yasü ələmə düçar edib, novgüllərinə ayrılıq və heyrət dağı çəkibdir. Cənab Səbur sair Azərbaycan şairləri kimi vəsfində mübaliğə edib, Racinin fəzilətini bir dərəcədə artırıb ki, onun şənü halını ənbiyayi-kiramdan bəzinin halına təşbih qılıbdır. Bir sayaq üzrə ki, Raci dəxi müqəddəs və mütəhhər vücudlar kimi məaniyi-əshab ilə həmcəlis olub, cismi-kəsifdən xilas olmaq ilə böyük bir səadətə vasil olubdur. Necə ki, şair deyibdir: Əz ərz pak gəşto couhər şod, Həmço ruh əz kədər mosəffa rəft. Racinin divani-əşarı bu qayda üzrə tərtib olunubdur: qəzəliyyati-farsi, qəsaidi-türki, qəzəliyyati-türki, təcnisi-türki, Kərbəla şühədalarının əhli-beytinin müsibətinə dair növhəvü sinəzənləri, müqəttəat və rübaiyyat. Növhə və sinəzənlərin arasında yazılan əfrad mərhumül-məğfur Molla Hüseyn "Dəxil" təxəllüs şairin kəlamlarıdır ki, onları Raciyə nisbət vermək dürüst deyil. Divani-Racinin bəzi nüsxələrində Dəxilin və Nacinin və Mirinin kəlamlarından dəxi seyyidüş-şühədanın müsibətinə dair növhə və sinəzənlər daxil olubdur. Belə ki, Təbriz mətbəələrində çap olunan kitabların çoxunda əsla bir qayda və səliqə yoxdur. Hər bir kitaba lazım olan föhristdən dəxi xəbərləri yoxdur. Ancaq onu qənimət bilirlər ki, kitabın boş qalan yerlərini hər nə ilə olacaq, olsun, doldursunlar. Racinin səlis və rəvan təbi olduğu əşarından görünür. Onun qəzəllərinin çoxu dillərdə əzbər olubdur və xanəndələrin çox vaxtı toylarda və işrət məclislərində oxuduqları Racinin gözəl qəzəlləridir. Necə ki, şair özü deyir: De bir türki qəzəl, Raci, Oxusun bu gözəl, Raci, Bələd olsun əzəl Raci Rümuzi-eşq dərdinə. * * * Raci, fünuni-şerdə gərçi vəhidsən, Dəm vurma çox ki, baisi-lafü kəzaf olur. Və həmçinin şer və qəzəl deməyə artıq meyl və həvəsi olmağını və həqiqi fəxarəti şer və qəzəldə görməyini bu beytində bildirir: Tərk elə simü zəri, cəm elə əşarü qəzəl, İstəsən, Raci, əgər namü nişanın çıxsın. * * * Desəm Raciyə şer yaz , hey yazar, Pul adı gətirsəm biləkdən qurur. Racinin vətəndaşı və həmməclisi olan bir nəfər şəxs ilə dəmir yol[un]da tanış oldum. Ol cənab ziyarətə gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpürsan oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoşrəftar və xoşsöhbət olduğunu söylədi. Mərhumun əxlaqi-pəsəndidələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həmçinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-qənaət, pakdamən bir vücud olması barəsində bir beytdə deyibdir: Qalıb bu pənd mənə yadigar pirimdən: Həmişə zində bu aləmdə niknam qalır. Racinin dostluqda, vəfada və vətənpərəstlikdə sabitqədəm olmağına bu şerləri şəhadət verir: Sər fədaye-dust kərdən pişe-ma doşvar nist, Danəm in naqabeliha qabele-ezhar nist. Hər ke aşeq şod yəqin başəd ke, əz can begzərəd, Şeyx Sənan bəhre-tərsa arəş əz zonnar nist. Dustan, əfğane-Raci başəd əz hobbe-vətən, Mouseme-qol bolboli danəd ke, dər qolzar nist[5]. [5] Tərcüməsi: Başı dosta qurban eləmək bizim uçün çətin iş deyil, Bilirəm ki, bu naqabil bir şeydir və demək mümkün deyil. Aşiq olan kəs canından keçməlidir. Şeyx Sənanın tərsa [qızı] uçün zünnardan arı yoxdur. Ay dostlar, Racinin əfğanı vətən məhəbbəti üçündür, Gül mövsümunun (qədrini) gülzarda olmayan bülbül bilər. Və əyzən həqiqi dostluq babında deyibdir: Hər kəs ke, koşte gəşt berahe-vəfaye-dust, Əz xune-u rəvast xəlayeq vozu konənd[6]. [6] Tərcüməsi: Dost vəfası yolunda ölənin Qanı ilə rəvadır ki, çamaat dəstəmaz alsın. Padşah ilə gədanın və fəqir ilə dövlətlinin arasında həqiqətdə bir təfavüt olmadığını və cümlənin axırı puç olduğunu bu rübaisində bəyan etmişdir: Girəm to padşahe-təmame-cəhan şəvi, Girəm cəhaniyan həmera hokmran şəvi, Girəm ke, qəsrhaye-to sər bər fələk keşəd, Ruzi şəvəd to həm gele-kuzegəran şəvi[7]. [7] Tərcuməsi: Tutaq ki, sən bütun dünyanın padşahı olacaqsan (oldun). Tutaq ki, sən dünya xalqı üçün hökmdar olacaqsan, Tutaq ki, sənin saraylarının başı fələyə çatacaq, Bir gün olacaq ki, sən də kuzəgərlər üçün gil olacaqsan. Əgərçi Racinin divani-şeri Azərbaycanın hər bir vilayətinə dağılıb və kəlami-mövzunu dillərdə caridir, vəli biz də məcmuəmizi onun asari-lətifələrindən xali qoymamaq üçün bir neçə nümunələr burada təhrir qıldıq. Qəzəli-Raci: Övzai-çərx sanma ki, biixtilaf olur, Cuyi-zəmanə gah bulanır, gah saf olur. Verməzlə gah Yusifi Misrin bəhasına Gəh pirəzal əlində bəhası kəlaf olur. Eşq əhlinə bir özgə əziyyət rəva deyil, Təni-rəqibü cövri-zəmanə kəfaf olur. Məşuqə aşiqin bilü razi-nihanını Bu rişteyi-məhəbbət ona telqraf olur. Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin, Amma yazanda xamə bu sirri şikaf olur. Tövəmdi[8] rəncü rahət, müdğəmdi eyşü qəm, Vəslü fəraq, şadiyü matəm müzaf olur. [8] Tövəm--əkiz doğulan uşaq. Hər şeyi öz yerindədi bu karxanənin, Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur. Hər kimsə öz məqamını aləmdə seyr edər, Ənqayə Qaf, cüğdə[9] xərabə mütaf[10] olur. [9] Cüğd--bayquş. [10] Mütaf--təvaf olunmuş məhəl. Ustad hər kəsin qədinə bir qəba biçib, Var bir qəba ki, özgə qəbayə sicaf olur. Olmaz yüz il fəğanə gələ zar, əndəlib, Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur. Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini, Rubəh nə növi şirə hərifi-məsaf olur. Amma olubdu çoxlara bu əmr müştəbeh, Culfalıq etməmiş küləhduz kəlaf olur. Raci, fünuni-şerdə gərçi vəhidsən, Dəm vurma çox ki, baisi-lafü kəzaf olur. Racinin bu qəzəlində "xeyli məzmunlu şerlər vardır ki, onlara diqqət yetirməmək olmaz, əz cümlə zəmanənin övzai müttəsil təğyirü təbdil tapıb da, ixtilaf üzrə gərdiş etməsidir. Belə ki, "Cuyi-zəmanə gah bulanıb, gah saf olur". Ona binaən insan dəxi gərəkdir elmü bilik ilə mütəməddin olub, zəmanənin iqtizasınca dolanmağa özünə əsbabi-məişət mühəyya edə. Atidə yazılan qəzəlində Raci insanın başına eşqdən gələn bəlaları bir-bir tedad edib, onların olmağını, filcümlə dünyada insanın zövq-vəfası və eyş-işrəti üçün xəlq olunmuş əsbabü əlamətlərin yoxluğunu və hüzn-ələmin, qəm-qüssənin nəfyini arzu edib əsil mətləb və təmənnası nə olduğunu məxfi saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz də nə ölmək istəyir və nə sağ qalmaq, nə şirinliyə meyil edir və nə acılığa, nə hicrin zəhri-həlahilini və nə vəslin şəkəri-safını tələb edir. Haman qəzəl budur: Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı, Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı. Nə nazü qəmzə, nə qəncü dəlalü[11] nə işvə, Nə əczü labe[12], nə xunabi-dideyi-tər olaydı. [11] Qəncü dəlal--ikisi də nazü işvə məzmunundadır. [12] Labe--söz, laf. Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal, Nə müşk olaydı, nə məcmər, nə udü ənbər olaydı. Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf, Nə şəh, nə mülk, nə bu fövc-fövc ləşgər olaydı. Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan, Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı. Əzəl nə nəşə olaydı, sora nə rənci-xumar, Nə tiyşi-vəsl, nə ənduhi-hicri-dilbər olaydı. Nə öldürəydi xətin gəlcək üzdə üşşaqi, Məsih tək nə ləbi-ləli-ruhpərvər olaydı. Nə yalvaraydı rəqibə bu payədə üşşaq, Və nə bu mərtəbə məşuqələr sitəmgər olaydı. Nə şur olaydı, nə bülbül, nə gül olaydı, nə xar, Nə lütfi-baği-baharü nə cövri-sərsər olaydı. Nə dil olaydı, nə qamət, nə qəlb olaydı, nə rux, Nə şəmi-şölə, nə pərvanə, nə səməndər olaydı. Nə gül, nə ətr, nə şümşad olaydı, nə şanə, Nə zülf olaydı, nə məşşatə, nə bu zivər olaydı. Nə şərhə-şərhə olaydı bu sinə tiğinlə, Nə şərhi-dəftəri-dərdü bəla, nə müztər olaydı. Cəfayi-yar ilə üşşaq inciməz, ey kaş, Nə səndə mümkün o, məndə nə bu, müyəssər olaydı. Nə hicr olaydı, nə giryə, nə künci-qəm, nə bu ah, Nə abü atəşü xakü həva müxəmmər olaydı. Nə tifl olaydı, nə məktəb, nə dərs olaydı, nə elm, Rümuzi-eşq nə dillərdə böylə əzbər olaydı. Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt, Nə şeyx olaydı, nə məscid, nə vəzi-mənbər olaydı. Nə dil olaydı, nə didə, nə əşki-xunalud, Nə kan olaydı, nə dərya, nə ləlü gövhər olaydı. Nə ictinab, nə tövbə olaydı, nə pərhiz, Şikəsti-tövbə nə peymandan füzuntər olaydı. Məzaqi-Raci nə şirin olaydı, nə beylə təlx, Nə hicr zəhri-həlahil, nə vəsl şəkkər olaydı. * * * Sənə bu hüsn, xəyal eyləmə müdam qalır, Çəməndə hansı güli-tər ələddəvam qalır?! Qalıb bu pənd mənə yadigar pirimdən: Həmişə zində bu aləmdə niknam qalır. Gözün könül quşun ovlar, əgərçi laçın tək Və leyk axır özü paybəndi-dam qalır. O ləbləri ki, edər kami-aləmi şirin, Mənim kimi olu bir vaxt təlxkam qalır. Gedər çü məstiyi-mey, zəhməti-xumar gəlir, Həmişə başda haçan nəşeyi-müdam qalır. Həmişə aşiqinə naz edib, xəyal etmə Sənə bu rəngü ruxü zülfi-müşkfam qalır. Əsər xəzan yeli gülzari-hüsnünə bir gün, Nə üzdə rəng, nə zülfündə bir nizam qalır. Nə çeşmi-məstin edər böylə naz-naz nikah, Səhi qəddin nə bu növ ilə xoşxuram qalır, O vaxta üz çevirib cümlə bədnəzər səndən, Məgər bu Raciyi-biçarə sübhü şam qalır? Racinin fünuni-şerdə mahir olmağına onun təcnisləri dəxi şəhadət verir. Nümunə üçün onlardan bir neçəsini burada zikr etməyi münasib gördük: Demə, zahida, sərgüzəşti-behişt, Yoxumdur mənim meyli-gəşti-behişt. Büküb qəddimi eşq ilə bari-qəm, Qəmindən iki aləmin fariqəm. Dilü din ver müşkbu kakilə, Mənim tək ol aşüftə bu kakilə. Gəl, ey aşiqin atəşə yanduran, Məni yana-yana qoyub yan duran. Nədir, ey səhiqəd günahım mənim, Keçər ərşdən hər gün ahım mənim. Sən oyna gecə rudü şətrənc ilə, Töküm mən yüzə rud şətrənc ilə. Rəvadır qalım mən şəbi-tar ilə, Keçir sübhə tək sən şəbi tar ilə. Sipahi-qəm aldı, aman, dövrəmi, Tamam eylə, ey saqi, can dövrəmi. Dolub dərd ilə meysərd meymənə, Sınıq qəlbə bax, vergilən mey mənə. Yazın bu sözü səngi-mərmərdə siz, Qoyun fərq namərd ilə mərdə siz. Açıbdır qərənfil, güli-yasəmən, Güli-yas tək batmışam yasə mən. Könül şəmi-ruyində pərvanədir, Ona suzdən xövfü pərva nədir. Səninlə böylə oldu cism, ey sənəm, Həqiqətlə baxsan əgər mən sənəm. Bilərsən əgər baxsan ayinəyə, Sənə oxşadır xəlq ayi nəyə? Məni aqibət öldürür dər diyar, Xədəngi-cəfayə məni dərdi-yar. Könül şişəsin sındırıb səng ilə, Genə səngdil eylisən sən gilə. Harayım çıxar ərşə hər gün, hər ay, Yetiş, ey sitəmgər, hərayə həray. Sənə Raci, ey hur, ta bəndədir, Həmişə üzün nuru tabəndədir. Çıxarmaz səni yaddan mah, sal, Onu sən də bir yadə, ey mah, sal! Racinin bu qisim təcnisləri çoxdur. Burada biz ancaq onlardan bir neçəsini yazdıq. Cümləsi ilə bələd olmaq istəyənlər onun divanına rücu eləsinlər. Mərhum Hacı Əbülhəsən Racinin qönçeyi-təbi-lətifi xüsusən facieyi-Kərbəlanı zikr etdikdə gül kimi açılıb, hər tərəf hüznü ələm gətirici ətirlər saçıb və cümlənin ürəklərini qəmü qüssə ilə və gözlərini yaş ilə doldurur. Və lakin bu qəmü ələm və bu göz yaşı insanı məyüsü məğşuşü təzyiq etmir, bəlkə onun qəlbini səfalandırıb, gözünə işıq gətirir. Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq seyyidüş-şühəda müsibətü əzasına müxtəsdir, ancaq mahi-məhərrəmdə tərtib olunan təziyələrdə hiss olunur. Raci isə bu təziyələrin rövnəqi və matəmlərin şəfəqidir. Azərbaycan şüərasından Dəxildən sonra Raci Kərbəla gülşəninin ən fəsih bülbüli-xoşəlhanı və neynəva dəştinin ən suznak növhəxanı hesab olunur. Racinin növhələrində olan təsir çox rövzəxanların mərsiyələrindən artıqdır. Əzbəs ki, rövzəxanların əksəri oxuduqları əhvalatda bəzi kərə o qədər mübaliğə edirlər ki, o qədər fəhmü idraka sığışmayan və ağıl qəbul etməyən sözlər və hekayə söyləyirlər ki, əhli-məclis onlara inanmayıb, bir növ qövllərindən ikrah edirlər. Oxuduqları mərsiyəyə meylü rəğbət göstərmirlər. Raci Kərbəla faciəsinin hansı bir qissəsini rişteyi-nəzmə çəkibsə, tamamında böyük məharət büruz edibdir, əhvalatı eyni ilə, sərapa, şairanə elə gözəl tərzdə nəql edir ki, cümlənin huşü diqqətini cəlb edir. Məsələn, İmam Hüseyn əleyhissəlamın əziz və istəkli qızı cənab Səkinə Şamda cümleyi-əhli-beytlə əsirvar olduğu zamanda bir gecə yuxuda babası seyyidüş-şühədanı görüb, ona şərhi-hal etməsini, yainki ali-əbanın Kərbəla diyarına yetişdikdə möhnətü qəm qubarına batmaqlarını və seyyidüş-şühədanın övladü ənsarının hər birinin vəsfi-halını və yainki əhli-beytin Şamdan Mədinəyə müraciət etməsini və əhli-Mədinənin şurişü nəvaya gəlməsini və mərizə Fatimənin hali-pürməlalını və bu qisim çox-çox Kərbəla əhvalatını Raci əleyhirrəhmə elə bir fəsahət və məharətlə təhrir qılıbdır [ki], hər kəs onları diqqət ilə oxusa, məyusü məlulü feyzyab olmaqla əhvalatdan dəxi filcümlə xəbərdar olar. Kərbəla şəhidlərinin müsibətinə şüru etməkdən qabaq şair həqq dərgahına münacat edib, ondan tövfiqü mərhəmət diləyir və səhni-çəməni-Neynəvada pərvaz etmək üçün balü pər istəyir və nəfsi-şumun əlindən xilas olub, həqiqi aşiqlər məsləkinə daxil olmağa və vadiyi-heyrətdən qurtarıb nicat bulmağa lütf kimi bir dadrəsü rəhbər tələb edir: Can bülbülü olmuş zəğəni-nəfsə giriftar, Daim qəfəsi-sinədə eylər ona azar. Bu, layiqi-firdovs, o, niyranə səzavar, Ülvitələbi-süfldə ol hiyləgər istər. Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et, Dəvayi-təvalayi-hüseynidə sədiq et, Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et, Dil vadiyi-heyrətdədi, bu rahbər istər. Hər kimsənə istər ola aşiqliyə layiq, Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq, Qəti-nəzər ondan da gərək aşiqi-sadiq, Hər mamələkindən edə qəti-nəzər istər. Racinin növhələri məlum isə də, onlardan birini nümunə üçün burada yazırıq. Bu növhədə İmam Hüseyn həmşirəsi olan vəfa kanı və dəyanətü sədaqət mənbəyi Zeynəbi-qəmpərvərdə öz cananı ilə, yəni xaliqi-ləmyəzəl ilə ruzi-əzəldə elədiyi əhdləri bəyan edib, kamali-cürətü fəxarət ilə deyir ki, həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar olsam, mənə eyni-səadətdir və yüz belə zəhmətlərə öz canımla dözərəm. Cənab Zeynəb isə qardaşına təsəlli verib hər növ bəlalara təhəmmül etməsini təsdiq edib deyir ki, ya Hüseyn, ruzi-cəzada səninlə başlar əlində şühəda həşrə gələn zamanı mən də üsəranı başıma cəm edib, bu zülfi-pərişanımla siz ilə müttəfiq cümlə [ümmətə] şəfaətçi olaram. Haman növhə budur: Belə əhd eyləmişəm, ey bacı, cananım ilən, Ərseyi-Kərbübəladə boyanım qanım ilən. Çünki bu cami-əcəldə şəkərü şəhdim var, Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var, Aləmi-zərrdə canan ilə bir əhdim var, Varam öz eylədiyim əhd ilə, peymanım ilən. Bacı, əhdim budu bu çöldə gərək qanə batam, Qanımı Əkbərimin qanına şövq ilə qatam, Can verib təşnə, gərək isti qum üstündə yatam, Cismi-məcruhim ilə, sineyi-suzanım ilən. Qan içində eləyim həqq ilə bir razü niyaz, Budur əhdim ki, quram burda gərək məclisi-raz, Can verən vəqtdə meydanda qılam, bacı, namaz, Dəstəmazım ola bu şərt ilə öz qanım ilən. Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə, Etmədi tab, vəli dərdü bəlayi-eşqə, Bircə qurban ilə gəldi o, Minayi-eşqə, Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən. Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir, Xəncərü tiğ nədir, nizə nədir, tir nədir, Məclisi-vəslə qədəm qoymağa təxir nədir, Mən bu bəzmə gedirəm başım ilə, canım ilən. Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat, Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat, İçmərəm gər tuta dünya üzünü abi-Fərat, Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən. Həq yolunda susuz ölmək demə zəhmətdi mənə, Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə, Aləmi-eşqdə hər zəhməti rahətdi mənə, Dözərəm yüz belə zəhmətlərə bir canım ilən. Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi, Bacı, eşq aləminin çoxdu belə keşməkeşi, Səni bazarə çəkərlər çü əsiri-həbəşi, Şami-şum içrə əyali-şəhi-mərdanım ilən. Əhli-Kufə yetirir zülmünü itmamə, bacı, Bədənimdə dəxi qoymazla qala camə, bacı, Nizələrdə apararlar başımı Şamə, bacı, Bədənim yerdə qalar peykəri-üryanım ilən. Şamdə məclisi-işrət qurular, söz demərəm, Kuçəvu bamdə səf-səf duralar, söz demərəm, Xeyzüran çubu nə qədri vuralar, söz demərəm, Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən. Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza Sən ilə həşrə gəlir başlar əlində şühəda, Üsəranı başıma cəm edərəm mən də, əxa, Gələrəm məhşərə bu zülfi-pərişanım ilən. Ümmətə cümlə şəfaət edərəm mən sən ilə, Kərbəladə bulaşan qanına pirahən ilə, Şimri-dunun yaxasından tutaram şivən ilə, İstərəm qanını bu çaki-gəribanım ilən. Ya hüseyn, hövli-qiyamətdə yetiş imdadə, Raciyəm, bircə ümidim sənə var üqbadə, Ağlaram, olsa həyatım nə qədər dünyadə, Gecə-gündüz sənə bu dideyi-giryanım ilən. * * * Hacıağa "Fəqir" Ordubadi Azərbaycan şüərasının məşhurlarından birisi də mərhum Hacıağa ibn Məhəmməd "Fəqir" təxəllüsdür. Fəqirin şərhi-halı və sirəti-əhvalı Naxçıvan, Ordubad tərəfdə və İranın bəzi şəhərlərində cümlə üdəbaya məlumdur. Hacıağa təvəllüd edibdir Ordubad şəhərində təxminən hicrətin 1252-ci[1] sənəsində. Ordubad Naxçıvan nahiyəsində İrəvan quberniyasında qədim qəsəbələrdən birisi hesab olunur. Əhalisi əksəriyyən müsəlmandır; ermənisi də var, azdır və onlar ticarətlə məşğul olur. Ordubad əlan İran ilə Rusiyanın sərhəddində vaqe və Rus dövlətinə mütəəlliqdir. [1] 1836. Ordubadın ab-havası mötədildir, özü də bağat içində bir basəfa yerdə vaqe olubdur. Ordubadın meyvəcatı və məhsulatı az yerdə tapılar. Çün Fəqirin atası İranda alış-veriş edərmiş, ona binaən Fəqir dəxi uşaqlıqdan İrana düşüb, onun üçün Təbriz və Şiraz kimi səvadi-əzəmdə nəşvü nüma edib, mərtəbeyi-kəmalata qədəm qoymuşdu. Məşhur rəvayətə görə, xaki-paki-Şirazda təhsili-ülum edib, ərəb və fars dillərini kamil vəchdə bilirmiş və öz ana dilinə dəxi artıq meyli olmağa görə, dara imiş. İyirmi beş sinnində ərseyi-şerdə cövlan edərkən "hübbül-vətəni minəl-imani"[2] hədisi-şərifini unutmayıb, vətəni-məlufuna övdət etmişdi. Az müddətin mürurunda şüəralar silkində şöhrət kəsb edib "Gülşəni-ürfan" adında bir məcmuə sahibi sayılırdı. [2] Hübbül-vətəni minəl-imani--vətənə məhəbbət imandandır. Hədisdir. Hacıağa Fəqir tizfəhm, fəsih və hazırcavab bir şəxs ikən artıq rəvan təb sahibi imiş. Əksəri-ömrünü tədrisü tədibi-əbnayi-vətən ilə keçiribdir. Hicrəti-nəbəviyyənin 1303-cü[3] sənəsində rəcəbül-mürəccəbin onuncu günü qırx beş sinninə yetişdikdə nidayi-həqqə ləbbeyk deyib və dəvəti-həqqi icabət edib haqq-təala rəhmətinə vasil olubdur. [3] 1886. Fəqirin məcmuəsi üç sənə bundan əqdəm fərzəndi-möhtərəmi Kərbəlayi Məmməd Səid Ordubadi [tərəfindən] Təbrizdə çap olunmağa göndərilmişdi və lakin bu hala dək onun çap olunması və ya olunmaması bizə məlum olmadı. Səid cənabları o vaxtı bizə işarə etmişdi ki, Təbriz çapı namərğub olduğuna görə, məcmuəni istəyir gətirdib Badkubədə çapa verdirsin. Badkubədə dəxi onun çap olunmadığı bizə məlumdur. Burada onun əsərlərindən bəziləri ki, cənab Səid lütf üzü ilə bizə göndəribdir, dərc olunur. Məcmueyi-məzkurənin dibaçəsindən bir neçə şerlər: Sipasi-şükrü həmdi-fərdi-yekta, Xudayi-biməsəl, həyyü təvana, Qiyasi-əqli-küll zatında qasir, Deyən şənində əhməd "maərəfna". Təmamən masiva etsə kitabət, Yazanmaz vəsfinə bir sətri-tuğra. Olar vəssaflər vəsfində aciz, Zəhi sübhani-bieybü mübərra. Fərəhza, qəmzüda kəlmati-paki Tapılmaz elminə övlavü üxra. Edən məxluqi min şeyi icad, Vücud ondan tapıb əczayi-əşya. Zəhi qadir ki, bu nöh taqi-çərxi Ucaldıb sün binəccarü bənna. Kəvakiblə verən əflakə zivər, Bürucati-bənat, əqdi-sürəyya. Yaratdı cümləsin yeksər ədəmdən, Hamana "kaf"i etcək "nun"ə ilqa. Qılıb bir qətrədə cəmi-əvalim, Mürəkkəb eyləyib əczavü əza. Fəlasif cümlə aciz hikmətində. Ümumən ləğvdir hökmi-ətibba. Olub ondan müvafiq dörd məxalif, Qılar dörd zidd bir yerdə müdara. Dibaçənin axırında yazılıbdır: Fəqira, yetməz hərgiz intihayə, Məlayik ta qiyamət olsa guya. Dibaçənin bəzi yerlərini oxuya bilmədik, çünki əlimizdə olan nüsxə imlasız və dolaşıq xətt ilə yazılmışdır. Fəqirin gözəl əsərlərindən birisi onun dünyanın bivəfalığı xüsusunda yazdığı ibrətnamədir ki, burada eyni ilə dərc olunur: Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur, Bülbül bahar olanda işi ahü zar olur. Gül mövsümündə naleyi-bülbül əbəs deyil, Fəsli-xəzanı yadə salır, biqərar olur. Baği-cahanda qönçəni neylim olur bir ay, Xarı çəkir kənarına, bietibar olur. Novrəs cavanların qədidir ziri-xakdə, Eylər nömüvv sərv ləbi-cuybar olur. Baxsan bəsirət ilə əgər zülfi-sünbülə, Müşkül sənə ki, bir neçəsi aşikar olur. Sünbül deyil çəməndəki, susən deyil, nədir, Yarın şikənci-zülfüdü yerdən kənar olur. Topraqdən çıxan xəti-səbzi-nigardır, Reyhan odur ki, üzdə həmişə qubar olur. Gülşəndə bülbülə dedilər:--Badə nuş bad! Verdi cavab ki, axırı rənci-xumar olur. İbrətlə bax qızıl gülə, gör çərxi-kəcmədar Əvvəl onu əziz edər, axır nə xar olur. Gəh qönçə pərdəsində qoyar, bağrı qan edər, Gahi çəkər gülabın atar, tarmar olur. Lalə deyil çıxıb qızaran Bisütundə, Fərhad qəlbidir ki, hər il dağdar olur. Çəşmin vurar şükufə, əgərçi beş-altı gün Axır fələk qəbasin alır uri-ar olur. Böylə xəyal etmə çəməndə bənəfşədir, Nakam əruslar qaşıdır vəsmədar olur. Dünya birini ağladıban, güldürür birin, Əbrin sirişki xəndəgəhi-laləzar olur. Tərk etgilən bu dəhri-dəni pirə zalını, Hər gün bir ayrı şövhərə çün ixtiyar olur. Bietibardır bu köhən çərxi-bibina, Aqil kişi nə yatmış olur, huşyar olur. Çoxları tərk edibdi fələk, yox nişanəsi, İnsan üçün onun əməli yadigar olur. Bəhram Guri gör necə gurə çəkib fələk, Rubahi-çərxə şir olan axır şikar olur. Bizdən sora o qədr baharü xəzan gəlir, Hər il şübatü azərü neysan əyar olur. Badi-səba keçər, sora badi-şimal əsər, Daim bu ordu rüusi-şəhrü xar olur. Biz görmədik, görən görəcəkdir zəmanəni, Gəh yaz olanda gül olu, gəh qışda qar olur Kəsranı get Mədainə al Tağdən xəbər, Taci-Kəyan qoyan yenə dəfni-məzar olur. İskəndəriyyə şəhrinə get, gör Skəndəri, Biçarə o cəlal ilə gör nə fikar olur. Çoxları çəkdi təxteyi-tabutə təxtdən, Cümlə şəhənşəhin yeri ol qəbri-dar olur. Ey nəfsi-şum, axır olubdur nədir bu cəhd, Vizrü vəbalı boynuna yığma ki, bar olur. Beş gündən ötrü dövlətü malü imarəti Gəl istəmə, gedəndə ki, bir intizar olur. Fitnə dolub cəhanə, xəlayiq olub şərir, Yoxdur cahanda xeyir, əcəb ruzigar olur. Mərdüm bulur halalı həramü həramı pak, Nahaq şəhadət onlara daim şüar olur. İmanların satarla çilov, çayü qəhvəyə, Çoxdur bu şəxs yarləri yadxar olur. Şəri-nəbi qiyamini eylərlə məsxərə, Hər yerdə əmrü nəhy ola, onlar fərar olur. Ya rəb, Əliyyü ali-Əli hörmətinə sən Fəryadə yet o gündə ki, ruzi-şümar olur. Artır mənə nəbiyyü vəlinin məhəbbətin, Gər böylə olsa, nəxli-ümidimdə bar olur. Fəryadıma Əlini o gündə yetir mənim, Ruhum gedər, bədən qalı biqəmküsar olur. Yarü rəfiqü qövmü bəradər qoyar gedər Əndamımı sıxar, mənə çün qəbr dar olur. Ey dil, ötürmə daməni-ali-Məhəmmədi, Qəm etmə, yavərin, şəhi-Düldül-səvar olur. Artır, Fəqir, dildə Əlinin məhəbbətin, Hər kəs qulam ola o şahə, tacdar olur. Fəqirin bu ibrətnaməsinə hikmət nəzərilə baxılsa, hətiqətdə bir para sirrlər aşkar olur. Ruzigari-sitəmkarın pənceyi-qəddarında giriftar olub, ömürlərinin bahar çağında əcəl badəsini nuş edən cavan oğlanların, ziba sənəmlərin məzarları üstə bitən gül və lalələrin və ənvayi-çiçəklərin hər birisi onların hüsni-məlahətlərindən nişanə deyillərmi? Ləbi-cuybarda bitən sərvlər ziri-xakdə dəfn olunan novcavanların qəddi-mövzunu deyilmi? Çəməndə bitən sünbül, susən özgə bir şey deyil, "yarın şikənci-zülfüdü yerdən kənar olur". Torpaqdan göyərib yengi çıxan təzə-tər, xırdaca otlar novcavanların gül üzarları üstə bitən bu xətlərdir. Reyhanın üstə müşahidə olunan qubar üzdəki qəm qubarıdır. Bisütunda çıxıb qızaran lalələr Fərhad misallı namurad cavanların dağdar olmuş ürəkləridir. Çəməni müzəyyən edən bənəfşələr və çiçəklər nakam ərusların pərişan zülfləridir. Dünyanın işi belədir. Bir kəsi başa kimi xoşhal və kamyab etməyibdir. Birisini ağladanda, o birisini güldürür. Necə ki, buludu ağladıb çəməni-laləzarı xəndə qılır. Birisinin müsibəti qeyrisinin fərəhü şadlığına səbəb olur. "Kürdün çul satmağı" təmsili dəxi Fəqirin ibrət götürüləsi əsərlərindən birisi olmağa görə burada çap olunur: Guş edin ərzimə yeksər, siz əya pirü cəvan, Bircə təmsil gəlib xatirimə, eylüm əyan, Nəql ediblər bu keçən il var idi bircə kişi, Sahibi-xeylü rəmə, əhli-məhali-İrəvan. Toxumuşdu Fatısı əsl fayiq bir çuli-əsb, Xeyli mətbuü dilavizü giran, qədri giran. İşləmişdi onun üstündə Fatı düz iki ay, Tar-pudunda onun bənd eləyib rişteyi-can. Şamova verdi çulu, söylədi ki:--Həmsəri-mən, Sübhdən sal çulu, min yabını, ol şəhrə rəvan. Aparıb bu çulu sən şəhrdə sat qırx manata, Beş qəpik əksiyə satma ki, olur bəs ərzan. Satıb, al Dilpəriyə, Gülpəriyə nimtənəlik, Yırtılıb, Dilpərinin yoxdu ayağında tuman. Əti-əndamı çıxıbdır eşiyə Nazpərinin, Köynək al əyninə, həm başına şali-Şirvan. Səni tarı, a kişi, al mənə də bir yalavuc, Fəsli-yaylaqda tiküm nimtənə şali-Kirman. Saqquz al Mahpəriyə, Şahpəriyə güzgü, daraq, Algilə cəhrəmə ig, bir tikə qır, çit, kətan, Qədri zərnix, ahəg al gətir tənvir eləyək, Tük basıb canımızı, sirkə-bitə oldu məkan. Süuva bircə düdük, al Əlüvə bircə lülük, Məmova bircə papaq al, verəyüm həqqi-çoban. Əyn-başın tökülüb, al özünə bircə geyim, Madyana noxta alıb, eşşəyə də bircə palan. Müxtəsər, götdü çulu, şəhrə rəvan oldu o kürd, Çiyninə saldı gəzib çarsuyi-bazar, dükkan. Qırx manat söylədi, bir kimsə onu almadılar, Şəhri üç gün dolanıb mat-məəttəl, heyran. Dedi:--Bu töhfədi, qətən alır əşxas bunu, Gər qubernata verəm, çox mənə eylər ehsan. Müxtəsər götdü çulu, sildi tozü torpağın, Gətirib verdi qubernatə haman dəmdə nişan. Ta qubernat görüb söylədi işto-mişto, Dedi:--Bir töhfə gətirdim sənə canım qurban. Yaranal aldı çulu, verdi qulamına o dəm, Şamovun qəlbi açıb gül kimi oldu xəndan. Yaranal söylədi üç yol "xaraşo", bir "malades", Daxil oldu evinə, qıldı Şamo dadü fəğan: --Nə qələtdir elədim öz nənə-babamla mən, Bilirəm Fatı yolur yalımı bişəkkü güman. Müxtəsər, kəndə gəlib, ta Fatı gördü ərini, Üzü qara, əli boş, zurna çalır, həm balaban. Şamova söylədi Fatı:--Çulu satdın neçəyə? Hanı çul? Yağlığımız noldu məgər? Eylə bəyan! Dedi ər:--Fatı, çula uç "xaraşo", bir "malades" Yaranal verdi, əgər sud ola, ya inki ziyan. Eşidib Fatı, vurub kürdə ikiəlli qapaz. Kürd salıb möhra tasa, çəşminə tar oldu cahan. Durdu övrət ayağa, geydi çarıq, sonra dolaq, Şamovu götdü, minib yabını çün şiri-jəyan. Girdi ta şəhrə, qubernat qapısın etdi tələb, Dışra çıxdı yaranal, gördü gəlir dad, aman. Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo? Baş əyib övrəti-biçarə çəkib ahi-nihan. Ərz qıldı yaranala:--Mən Şamovun Fatısıyam, Niyə zülm eyləyə bilməm ümənayi-divan? Vermisən o çula sən üç "xaraşo", bir "malades", Verirük hər kəsə, verməzlə bizə bircə soğan. Ya pulu, ya çulu ver, istəmirik biz xaraşo, Malades qarnımızı sir eləməz, istər nan. Eşidib bu sözü çox güldü qubernat ol dəm. Xoşuna gəldi, gəlib nitqə, deyib xəndəkönan: --A patom, tı niboysya, istiroqa, istiraqa, Lütfi-bihəd qılaram mən sizə hər saətü an. MƏNZUMƏ Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul, Xəlqdən çəkməgilən gərdənə çox bari-giran. Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə, Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan. Ey Fəqir, çəkməgilən çox da dəni minnətini, Söyləmə cifədən ötrü dəxi həcvü hədyan! Fəqir bu kəlamda dənitəblərin minnətinin bari-giran olmasını türfə timsali-ədibanə ilə nəzmə çəkib, sahibmənsəblərdən və ümənayi-dövlətdən səxavət və ehsanat diləməyin bihudə xəyal və əbəs səy olmasını göstərir. Bundan əlavə ülumü mərifətdən bibəhrə qalmış və yarı insaniyyət və yarı vəhşiyyət halətində güzəran edən kürdlərin məişətindən bir parça nümunə göstərir. Heyfa ki, Fəqirin sair əsərlərinə bələdiyyət yetirə bilmədik. "Moşt nomuneye-xərvarəst" heysindən bu məcmuəyə daxil olanlar dəxi onun müqtədir şair və zərif ədib olmasına dəlili-kafidir. * * * Hacı Molla Abbas "Şölə" Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur. Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu. Mərhum Şölə təvəllüdü zamanından ömrünün müsinn çağına qədər xəstə olmadığını və hətta baş və diş ağrısı nə olduğunu bilmədiyini öz dost və tanışları yanında iddia edərmiş. Şölə fars və türk dillərini kamil vəchdə bilirmiş. Amma əşarü kəlamının çoxusu türk dilindədir. Yazdığı əşarın əksəri, demək olur ki, Gəncə şəhərinin xüsusi vüquatına və onda vaxtbəvaxt zühur edən əlamata, vüqua gələn təğyirata və Gəncə əhlinin əxlaqü adatına dairdir. Şölənin dili açıq və sadə olduğuna binaən, onun kəlamları hər kəsə, hətta kəmsavad adamlara da xoş gəlir. Məcmuəsi var, amma çap olunmayıbdır. Şölə vəfat edibdir Gəncədə 1899-cu ildə, təxminən yetmiş yaşında. Əsərlərindən nümunə üçün Gəncənin vəsfində yazdığı şerləri burada gətiririk: Gəl, ey aləm ara qəmxanə Gəncə, Dönübsən məhbəsü zindanə, Gəncə! Əgərçi zahirən abad olubsan, Olubsan batinən viranə Gəncə! Sənin üstündə çox qanlar tökülmüş, Binayi-dəhrdən piranə Gəncə! Gəhi Osmanlının, gəh Rusun oldun, Nəsib oldun gəhi İranə, Gəncə! Bu çərxin qafil olma gərdişindən, Olur dövran yenə dolanə, Gəncə! Yəqin et, səndə heç bir qəlb açılmaz, Gedə gər bağ ilə bostanə, Gəncə! Olur şad ol zamanda kim, ayağın Qoyar bir məscidə, meydanə, Gəncə! Bina tutmaz birisi səndə yayda, Atarsan hər birin bir yanə, Gəncə! Ədəb, hörmət aradan oldu nabud, Çü fayton gəldi bu meydanə, Gəncə! Keçənlər öldü qurtardı, yerindən-- Ki, biz gəldik yaman dövranə, Gəncə! Həqiqət Qafqazdə şəm idin sən, Cəmii-şəhrlər pərvanə, Gəncə! Sədaqətlə rəfaqət itdi, getdi, Dönüb işlər hamı yalanə, Gəncə! Lisanlar cümləsi təğyir olundu: "Pajalusta" olub qurbanə, Gəncə! Məqamı kəfşkən kəslər keçərlər Necə gör sədrə bir şahanə, Gəncə! Olar kim, beş qruşa yalvarırdı Deməzlər indi pul milyonə, Gəncə! Nə günlər səndə gördüm bundan əqdəm, Həzaran heyf ol dövranə, Gəncə! Ağardı baş, dişim səndə töküldü, Məni həsrət qoyubsan nanə, Gəncə! Olar kim, tülküdən eylərdilər xövf, Dönüblər şir ilə aslanə, Gəncə! Tamam iftardə paprus çəkərlər, Olubdur çün əvəz qəlyanə, Gəncə! Əcəb iftar, əcəb ruzə, əcəb rəsm, Şəriət düşdü çox nöqsanə, Gəncə! Gözüm yaşı bu ruxsarə rəvandır Gedəndə səmti-qəbristanə, Gəncə! Çəkər meydanü məscid iştiyaqi, Gedəndə Şölə Hayestanə, Gəncə! Şölə bu şerlərində Gəncənin özünü və həm də əhalisini təzmimü təyib edib, onu bir məhbəsü zindanə oxşadır ki, ol qəmxana zahirdə abad görünürsə də, batində viranədir. Onun üstündə çox qanlar tökülüb, canlar fövt olubdur; gah Osmanlıya tabe olubdur, gah Rusa və gah da İran qoşunu onu təsxir edibdir. Gəncədə yüz bağ və bostana seyr üçün gedilsə də, bir kəsin könlü açılıb, ürəyi şad olmaz. Burada ancaq qəlbi şad edən bir məsciddir, bir də Gəncənin gen və vəsi meydanı. Keçmişdə sair şəhərlərə nisbət Gəncə şəhəri şam imişsə də və sair şəhərlər pərvanə misal onun başına dolanarmışsa da, indi onun rövnəqi dönüb və övraqı pozulubdur. Əhali arasında adabü ərkan götürülübdür. Xüsusən fayton çıxandan bəri xalqın əxlaqı xarab olub, dillərini də dəyişiriblər. İndi hər bir şey bir "pajalustaya" münhəsrdir. Ədna şəxslər və kəfşkəndə məqamı olanlar sədri-məclisə keçiblər və beş qruşa möhtac olan adamlar indi milyona da pul demirlər və bu pulun və dövlətin səbəbinə tülküməzac və qorxaq vücudlar indi aslanə dönüblər. İftarda qəlyan əvəzinə papiros çəkirlər. Xülasə, sabiqdəki rəsmü qayda götürülüb, dinə rəxnə və şəriətə nöqsan yetişibdir. Bu şerlərdən görünür ki, mərhum Şölə köhnəməslək və bir növ fanatik adamlardan birisi imiş ki, şəriətin nöqsana düşməyini ramazan ayında qəlyan əvəzinə papiros çəkilməkdə və camış arabasının əvəzində fayton minməkdə görür. Bu məsləkdə davam edən köhnəpərəstlər indi də içimizdə az deyil. Şair keçmiş vaxtları ki, onda Avropa rəsmü adətindən bir əsər yox idi, həsrətlə yad edib deyir: Nə günlər səndə gördüm bundan əqdəm, Həzaran heyf ol dövranə, Gəncə! Ağardı baş, dişim səndə töküldü, Məni həsrət qoyubsan nanə, Gəncə! Yuxarıda zikr olunan mənzumata bərəks olaraq mərhum Şölə özgə bir kəlamında Gəncəni bu sayaq tərif qılır: Gəldi bahar, oldu əcəb çağı Gəncənin, Bazarə gəldi süd ilə qaymaği Gəncənin. Bir vaxt var o şəhrdə çox-çox fəsadlər Yapraq açanda çubi-çinaranı Gəncənin. Qış fəsli səbzəcat, ələf, sairə nəbat, Əltafi-həqqdir Ərəbistanı Gəncənin. Artmazla xəlqi, bilmirəm aya səbəb nədir, Ya rəb, məgər ki, vəqfdi torpağı Gəncənin. Hər kim ki, getməyibdi, yəqiqən gedən bilər, Guya ki, bir behiştdi yaylaği Gəncənin. Çox yerdə vardı məscidi-came zəmanədə, Heç yerdə yoxdu məscidinin tayı Gəncənin. Çöl əhlinin müəzzini çaqqallar olur, Qiblə olubdu Haçaqaya dağı[1] Gəncənin. [1] Haçaqaya adlanan dağ Kəpəz dağıdır ki, Gəncənin cənub səmtində vaqe olduğu üçün avam xalq qibləsini onunla təyin edir. Etmə güman ki, xəlq qoyub ehtiyatını, Pünhan olub yapıncı da, çomağı Gəncənin. Şölə bu qədri vəsf eləmə, əlqərəz budur, Yoxdur cahanda tay ilə ortağı Gəncənin. Şölənin hər iki şerləri ki, burada təhrir olundu, Gəncənin keçmişdəki övzavü əhvalına dair məlumat verməyi ilə layiqi-diqqətdir və şerlərdən onun sahibi-təb olması anlaşır. Və lakin ikinci və üçüncü beytlərdə "çinaranı" və "Ərəbistanı" sözləri rədif olaraq qeyrilərlə mütabiq gəlmir. Bu isə tamami kəlama bir növ nöqsan gətirir. Aşağıda yazılan beytlər dəxi Şölənin kəlamlarındandır. Bunlardan başqası ələ düşmədi: Əcəb divanədir, yaran, görün bu mərdümi-aləm, Bəla zəncirinin adın qoyublar türreyi-pürxəm. * * * Mənə bir navəki-peykan vurubdur ol kəmanəbru-- Ki, hərgiz Əşkbusi vurmayıb bu şəstlə Rüstəm. * * * Gərçi çox müşkül olur darü diyar ayrılığı, Hamıdan müşkül olur sevgili yar ayrılığı. * * * == Məqalələr == Azərbaycan dövri mətbuatının qısa icmalı Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm". Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər. Lakin "Əkinçi" öz oxucularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fəaliyyətini dayandırdı. "Əkinçi"dən sonra Tiflisdə bir-birinin ardınca "Ziyayül- Qafqaz" və "Kəşkül" adlı iki Azərbaycan qəzeti nəşr edilməyə başladı. Bu qəzetlərin müəssisləri Ünsizadə qardaşları — Hacı Seyid əfəndi və Cəlal əfəndi idi. Onlar çox bacarıqlı və Şərq dillərini yaxşı bilən adamlar olsalar da, qəzet nəşr etmək kimi çətin və mürəkkəb işi aparmağa hələ qəti hazır deyildilər. Bunun nəticəsində tez bir zamanda "Ziyayül-Qafqaz"ın nəşri dayandırıldı və onun əvəzində Cəlal əfəndinin "Kəşkül"ü çıxmağa başladı. "Kəşkül" də "Ziyayül-Qafqaz" kimi hazırlıqsız adamların əlində idi və o, çox səliqəsiz və müəyyən istiqaməti olmadan nəşr edilirdi. "Kəşkül"də, məsələn, M. F. Axundovun tərcümeyi-halı ilə bir sırada müxtəlif zarafatlar, lətifələr və ağla sığmayan gülməli məlumatlar dərc edilirdi. Bəzən qəzetin bir neçə nömrəsində dalbadal Dağıstan və Çeçen xarabalıqlarından redaksiyaya göndərilən ərəb dilində yazılmış uzun, heç bir ciddi əhəmiyyəti olmayan məqalələr çap olunurdu. Dini-əxlaqi məsələlərin müxtəlif sahələrindən bəhs edən və dil cəhətdən anlaşılmaz olan bu məqalələrin əksəriyyəti, yəqin ki, yalnız onların müəllifləri üçün çap edilirdi. Bu cür hikmətləri anlamağa hazır olmayan oxucuların əksəriyyətinə isə fikir verilmirdi. Öz-özlüyündən məlumdur ki, xalqın ehtiyac və tələblərini inkar edən və zamananın ruhuna cavab verməyən "Kəşkül" kimi mətbuat orqanı geniş yayıla bilməzdi və o, keçən əsrin 90-cı illərinə qədər güç-bəla ilə öz acınacaqlı fəaliyyətini davam etdirərək nəşrini dayandırdı. "Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət nə səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə savad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamıdan çox ehtiyac hiss edirdilər. Beləliklə, əgər "Ziyayül-Qafqaz" ilə "Kəşkül"ü ictimai mətbuat orqanı deyil, müvəffəqiyyətsizliyə uğramış şəxsi ticarət müəssisəsi hesab etsək, onda məlum olur ki, Qafqaz müsəlmanları 25 il ərzində mətbuat vasitəsilə öz ehtiyac və tələblərini müzakirə etmək, məktəb işini yaxşılaşdırmaq və ümumiyyətlə, öz həyatlarını irəli aparmaq imkanından məhrum edilmişlər. Bu müddətdə rus təbəəliyində olan çoxmilyonlu müsəlman əhalisi üçün yalnız Bağçasarayda "Tərcüman" ("Perevodçik") adlı həftəlik bir qəzet nəşr olunmuşdur. Baş senzor və şərqşünas cənab Smirnovun ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə çıxan bu qəzet də Rusiya müsəlmanlarının bütün tələblərinə cavab vermək imkanına malik deyildi. Bundan əlavə, Krım tatarlarının dilində çıxan "Tərcüman", xüsusən, əvvəllər hamı tərəfindən başa düşülmədiyi üçün Zaqafqaziyada geniş yayıla bilmədi. Hazırda "Tərcüman" həftədə üç dəfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan azərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki, "Tərcüman"ın redaktoru cənab Qaspirinskinin xidməti xüsusilə qeyd edilsin. Həyatının ağır şəraitdə keçməsinə baxmayaraq o, 25 il ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji ilə işləmiş və indi də işləməkdədir. 1903-cü ildə bizim möhtərəm publisistimiz Məmmədağa Şahtaxtinski uzun əzab-əziyyətdən sonra Tiflisdə Azərbaycan dilində "Şərqi-Rus" adlı qəzet nəşr etməyə icazə alır. Bu qəzetin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirdi. Hər tərəfdən redaksiyaya təbrik məktubları gəldi. 25 il əvvəl çox səylə "Əkinçi" qəzetinin redaktorunun adına deyilən mənasız və təhqiramiz həcvlər indi gənc "Şərqi-Rus" və onun redaktoru M. Şahtaxtinskinin adına yazılan tərifli himnlərlə əvəz edildi. "Allah bəndəsi" adlı birisi "Şərqi-Rus"un 17-ci nömrəsində ondan əvvəl çıxan Azərbaycan qəzetlərinin ötəri icmalını verib, müsəlmanları yeni qəzeti müdafiə etməyə çağırmışdı. O, azərbaycanlılar arasında nəşriyyat işinin çətinliyini, yeniliyini, nə yaxşı mətbəələrin, nə mürəttiblərin, nə də iş bilən əməkdaşların olmadığını nəzərə alaraq ilk vaxtlar "Şərqi-Rus" oxucularını qəzetə iltifatla baxmağa və əlbir olaraq onu möhkəmlətməyə çağırmışdı. Həqiqətən də, qəzetin işi ilk əvvəllər elə bil yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtəlif yerlərində deyil, bütün imperiyanın Kazan, Orenburq, Ufa, Peterburq, Moskva, Zakaspi vilayəti, Türküstan, Vladivostok və başqa yerlərində də abunəçiləri var idi. Lakin yaxşı nəzəriyyəçi olan cənab Şahtaxtinski təcrübədə özünü doğrulda bilmədi. O, qəzet işində tam təcrübəsiz olduğunu göstərdi. Ən başlıcası isə, cənab Şahtaxtinski xalqının mənəvi inkişafını nəzərə almadığı üçün ciddi səhvə yol verdi və öz qəzeti vasitəsilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı. Düzdür, bütün müsəlmanlar tərəfindən qəbul edilmiş ərəb əlifbası müsəlman dünyasında tərəqqiyə ciddi surətdə maneçilik törədir və əsaslı dəyişiklikliyə ehtiyacı vardır. Lakin bütün məsələ köhnə, əsrlərlə işlənən əlifbanı ləğv edib, onun əvəzinə daha əlverişli və daha mükəmməl əlifba təqdim etməkdədir. Cənab Şahtaxtinskinin əlifbası isə heç bir xüsusi məziyyəti ilə fərqlənmirdi və o, başdan ayağa yöndəmsiz və mürəkkəb hərflərdən ibarət idi. Hamı tərəfindən ən əlverişli hesab edilən ərəb rəqəm işarələri cənab Şahtaxtinskinin əlifbasında sait rolunu oynayırdı. Bu əlifbanın nöqsanları və yaramazlığı barədə mən elə o zaman, 1902-ci ildə Tiflis qəzetlərinin birində çox müfəssəl danışmışam. Cənab Qaspirinski də öz "Tərcüman"ında bu əlifbaya qarşı çıxmışdı. Göründüyü kimi, sonralar cənab Şahtaxtinski özü də əlifbasının tələb olunan vəzifələrə cavab vermədiyini anladı və yavaş-yavaş qəzetindən bu məsələni çıxartdı. Lakin o bu qənaətə çox gec, "Şərqi-Rus" öz əvvəlki nüfuzunu itirdikdən sonra gəldi. Lakin bununla bərabər qəzetin bağlanmasına başqa səbəblər də olmuşdu. Məsələn, bizim fikrimizcə, gənc "Şərqi-Rus"a "Kaspi" qəzetinin o zamankı əməkdaşlarının hücumları və "Tərcüman"ın arasıkəsilməz iradları əsassız idi. Bizə məlum olduğu kimi, bütün bunların nəticəsində, cənab Şahtaxtinskiyə böyük pula, əməyə və mənəvi əzablara oturan "Şərqi-Rus", nəşrinin ikinci ilində öz fəaliyyətini dayandırmağa məcbur oldu. Keçən 1905-ci ilin payızında, təxminən 17 oktyabr manifesti ərəfəsində Bakıda həftəlik "Həyat" qəzeti çıxmağa başladı. Deyəsən, "Həyat" ona qədər nəşr edilmiş Azərbaycan qəzetlərinin hamısından ən mötəbəri idi. Onu müsəlmanların ən yaxşı ədəbi qüvvələri — Əlibəy Hüseynzadə ilə Əhmədbəy Ağayev birlikdə redaktə edirdilər. Qəzetin böyük formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli və dərin məzmunlu məqalələri oxuculara yaxşı təsir bağışlayırdı. Lakin qəzet 3–4 ay çıxdıqdan sonra Əhmədbəy Ağayev ondan ayrıldı və Bakıda öz "İrşad" qəzetini təsis etdi. Əhmədbəyin getməsi ilə "Həyat"da işlər zəifləməyə başladı. Qəzet yavaş-yavaş canlı və maraqlı orqandan darıxdırıcı və qeyri-həyati sxolastik gündəliyə çevrilməyə başladı, ən vacib məsələlərə isə diqqət yetirilmədi…. Qəzet dil cəhətdən də getdikcə yerli azərbaycanlılar üçün çətin və anlaşılmaz oldu. "Həyat"da əməkdaşlıq edən şəxslər öz yazılarında İstambulda təhsil almış qəzetin redaktoru Əlibəy Hüseynzadənin üslubuna səylə təqlid etməyə başladılar. Lakin bu təqlid çox gülünc nəticələr verdi. "Həyat" qəzetinin bağlanmasının səbəbləri haqqında biz öz mülahizələrimizi "Znaniye" qəzetinin 6-cı nömrəsində ayrıca danışmışıq. Hazırda bütün Qafqazda Azərbaycan dilində yalnız bircə "İrşad" qəzeti nəşr edilir və o da maddi cəhətdən çox böyük ehtiyac və kəsir içindədir. Kədərlə bu qəmli faktı qeyd etmək lazımdır ki, hələ xalq kütlələrində qəzet oxumaq ehtiyacı yaranmamış və onlarda ictimai məsələlərə qarşı bir laqeydlik və etinasızlıq hiss olunmaqdadır. Bizim yuxarıda göstərdiyimiz səbəblərdən başqa, bu axırıncı məsələ də, şübhəsiz, "Əkinçi", "Kəşkül", "Şərqi-Rus" və "Həyat" qəzetlərinin bağlanmasına mühüm təsir göstərmişdi. "İrşad" qəzetinin fəaliyyətini davam etdirmək üçün onun redaktoru və naşiri Ağayev lazımi miqdarda abunəçi toplamaq üçün Qafqazı səyahət etmişdir. Bu yolla abunəçi toplamaq, əlbəttə, çox adama qəribə və qeyri-adi şey kimi görünəcək, lakin başqa xalqlardan təhsil və mədəniyyətcə geridə qalmış müsəlmanlar arasında isə çap işinə yardım etmək üçün bu ən düzgün və bəlkə də, yeganə vasitədir. Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr edilən "İrşad" ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır. Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir və onun səhifələrində Rusiya müsəlmanlarının həyatında az-çox əhəmiyyəti olan məsələlər diqqətlə və hərtərəfli müzakirə edilir. Odur ki, bütün vasitələrlə bu qəzetə yardım etmək mədəni müsəlmanların üzərinə düşür. Əgər bu qəzet də işin əvvəlində öz fəaliyyətini dayandırmağa məcbur olsa və qol-budaq atmadan solub məhv olsa, onda çətin ki, bundan sonra bir kimsə Azərbaycan dilində qəzet nəşr etməyə cəsarət edə…. Simaları hələ tam müəyyənləşməmiş gənc Azərbaycan jurnalları — "Dəbistan", "Rəhbər" və "Füyuzat" haqqında rəyi xüsusi məqaləmizdə verəcəyik. * * * Ana dili Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm". Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər. Lakin "Əkinçi" öz oxucularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fəaliyyətini dayandırdı. "Əkinçi"dən sonra Tiflisdə bir-birinin ardınca "Ziyayül- Qafqaz" və "Kəşkül" adlı iki Azərbaycan qəzeti nəşr edilməyə başladı. Bu qəzetlərin müəssisləri Ünsizadə qardaşları — Hacı Seyid əfəndi və Cəlal əfəndi idi. Onlar çox bacarıqlı və Şərq dillərini yaxşı bilən adamlar olsalar da, qəzet nəşr etmək kimi çətin və mürəkkəb işi aparmağa hələ qəti hazır deyildilər. Bunun nəticəsində tez bir zamanda "Ziyayül-Qafqaz"ın nəşri dayandırıldı və onun əvəzində Cəlal əfəndinin "Kəşkül"ü çıxmağa başladı. "Kəşkül" də "Ziyayül-Qafqaz" kimi hazırlıqsız adamların əlində idi və o, çox səliqəsiz və müəyyən istiqaməti olmadan nəşr edilirdi. "Kəşkül"də, məsələn, M. F. Axundovun tərcümeyi-halı ilə bir sırada müxtəlif zarafatlar, lətifələr və ağla sığmayan gülməli məlumatlar dərc edilirdi. Bəzən qəzetin bir neçə nömrəsində dalbadal Dağıstan və Çeçen xarabalıqlarından redaksiyaya göndərilən ərəb dilində yazılmış uzun, heç bir ciddi əhəmiyyəti olmayan məqalələr çap olunurdu. Dini-əxlaqi məsələlərin müxtəlif sahələrindən bəhs edən və dil cəhətdən anlaşılmaz olan bu məqalələrin əksəriyyəti, yəqin ki, yalnız onların müəllifləri üçün çap edilirdi. Bu cür hikmətləri anlamağa hazır olmayan oxucuların əksəriyyətinə isə fikir verilmirdi. Öz-özlüyündən məlumdur ki, xalqın ehtiyac və tələblərini inkar edən və zamananın ruhuna cavab verməyən "Kəşkül" kimi mətbuat orqanı geniş yayıla bilməzdi və o, keçən əsrin 90-cı illərinə qədər güç-bəla ilə öz acınacaqlı fəaliyyətini davam etdirərək nəşrini dayandırdı. "Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət nə səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə savad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamıdan çox ehtiyac hiss edirdilər. Beləliklə, əgər "Ziyayül-Qafqaz" ilə "Kəşkül"ü ictimai mətbuat orqanı deyil, müvəffəqiyyətsizliyə uğramış şəxsi ticarət müəssisəsi hesab etsək, onda məlum olur ki, Qafqaz müsəlmanları 25 il ərzində mətbuat vasitəsilə öz ehtiyac və tələblərini müzakirə etmək, məktəb işini yaxşılaşdırmaq və ümumiyyətlə, öz həyatlarını irəli aparmaq imkanından məhrum edilmişlər. Bu müddətdə rus təbəəliyində olan çoxmilyonlu müsəlman əhalisi üçün yalnız Bağçasarayda "Tərcüman" ("Perevodçik") adlı həftəlik bir qəzet nəşr olunmuşdur. Baş senzor və şərqşünas cənab Smirnovun ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə çıxan bu qəzet də Rusiya müsəlmanlarının bütün tələblərinə cavab vermək imkanına malik deyildi. Bundan əlavə, Krım tatarlarının dilində çıxan "Tərcüman", xüsusən, əvvəllər hamı tərəfindən başa düşülmədiyi üçün Zaqafqaziyada geniş yayıla bilmədi. Hazırda "Tərcüman" həftədə üç dəfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan azərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki, "Tərcüman"ın redaktoru cənab Qaspirinskinin xidməti xüsusilə qeyd edilsin. Həyatının ağır şəraitdə keçməsinə baxmayaraq o, 25 il ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji ilə işləmiş və indi də işləməkdədir. 1903-cü ildə bizim möhtərəm publisistimiz Məmmədağa Şahtaxtinski uzun əzab-əziyyətdən sonra Tiflisdə Azərbaycan dilində "Şərqi-Rus" adlı qəzet nəşr etməyə icazə alır. Bu qəzetin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirdi. Hər tərəfdən redaksiyaya təbrik məktubları gəldi. 25 il əvvəl çox səylə "Əkinçi" qəzetinin redaktorunun adına deyilən mənasız və təhqiramiz həcvlər indi gənc "Şərqi-Rus" və onun redaktoru M. Şahtaxtinskinin adına yazılan tərifli himnlərlə əvəz edildi. "Allah bəndəsi" adlı birisi "Şərqi-Rus"un 17-ci nömrəsində ondan əvvəl çıxan Azərbaycan qəzetlərinin ötəri icmalını verib, müsəlmanları yeni qəzeti müdafiə etməyə çağırmışdı. O, azərbaycanlılar arasında nəşriyyat işinin çətinliyini, yeniliyini, nə yaxşı mətbəələrin, nə mürəttiblərin, nə də iş bilən əməkdaşların olmadığını nəzərə alaraq ilk vaxtlar "Şərqi-Rus" oxucularını qəzetə iltifatla baxmağa və əlbir olaraq onu möhkəmlətməyə çağırmışdı. Həqiqətən də, qəzetin işi ilk əvvəllər elə bil yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtəlif yerlərində deyil, bütün imperiyanın Kazan, Orenburq, Ufa, Peterburq, Moskva, Zakaspi vilayəti, Türküstan, Vladivostok və başqa yerlərində də abunəçiləri var idi. Lakin yaxşı nəzəriyyəçi olan cənab Şahtaxtinski təcrübədə özünü doğrulda bilmədi. O, qəzet işində tam təcrübəsiz olduğunu göstərdi. Ən başlıcası isə, cənab Şahtaxtinski xalqının mənəvi inkişafını nəzərə almadığı üçün ciddi səhvə yol verdi və öz qəzeti vasitəsilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı. Düzdür, bütün müsəlmanlar tərəfindən qəbul edilmiş ərəb əlifbası müsəlman dünyasında tərəqqiyə ciddi surətdə maneçilik törədir və əsaslı dəyişiklikliyə ehtiyacı vardır. Lakin bütün məsələ köhnə, əsrlərlə işlənən əlifbanı ləğv edib, onun əvəzinə daha əlverişli və daha mükəmməl əlifba təqdim etməkdədir. Cənab Şahtaxtinskinin əlifbası isə heç bir xüsusi məziyyəti ilə fərqlənmirdi və o, başdan ayağa yöndəmsiz və mürəkkəb hərflərdən ibarət idi. Hamı tərəfindən ən əlverişli hesab edilən ərəb rəqəm işarələri cənab Şahtaxtinskinin əlifbasında sait rolunu oynayırdı. Bu əlifbanın nöqsanları və yaramazlığı barədə mən elə o zaman, 1902-ci ildə Tiflis qəzetlərinin birində çox müfəssəl danışmışam. Cənab Qaspirinski də öz "Tərcüman"ında bu əlifbaya qarşı çıxmışdı. Göründüyü kimi, sonralar cənab Şahtaxtinski özü də əlifbasının tələb olunan vəzifələrə cavab vermədiyini anladı və yavaş-yavaş qəzetindən bu məsələni çıxartdı. Lakin o bu qənaətə çox gec, "Şərqi-Rus" öz əvvəlki nüfuzunu itirdikdən sonra gəldi. Lakin bununla bərabər qəzetin bağlanmasına başqa səbəblər də olmuşdu. Məsələn, bizim fikrimizcə, gənc "Şərqi-Rus"a "Kaspi" qəzetinin o zamankı əməkdaşlarının hücumları və "Tərcüman"ın arasıkəsilməz iradları əsassız idi. Bizə məlum olduğu kimi, bütün bunların nəticəsində, cənab Şahtaxtinskiyə böyük pula, əməyə və mənəvi əzablara oturan "Şərqi-Rus", nəşrinin ikinci ilində öz fəaliyyətini dayandırmağa məcbur oldu. Keçən 1905-ci ilin payızında, təxminən 17 oktyabr manifesti ərəfəsində Bakıda həftəlik "Həyat" qəzeti çıxmağa başladı. Deyəsən, "Həyat" ona qədər nəşr edilmiş Azərbaycan qəzetlərinin hamısından ən mötəbəri idi. Onu müsəlmanların ən yaxşı ədəbi qüvvələri — Əlibəy Hüseynzadə ilə Əhmədbəy Ağayev birlikdə redaktə edirdilər. Qəzetin böyük formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli və dərin məzmunlu məqalələri oxuculara yaxşı təsir bağışlayırdı. Lakin qəzet 3–4 ay çıxdıqdan sonra Əhmədbəy Ağayev ondan ayrıldı və Bakıda öz "İrşad" qəzetini təsis etdi. Əhmədbəyin getməsi ilə "Həyat"da işlər zəifləməyə başladı. Qəzet yavaş-yavaş canlı və maraqlı orqandan darıxdırıcı və qeyri-həyati sxolastik gündəliyə çevrilməyə başladı, ən vacib məsələlərə isə diqqət yetirilmədi…. Qəzet dil cəhətdən də getdikcə yerli azərbaycanlılar üçün çətin və anlaşılmaz oldu. "Həyat"da əməkdaşlıq edən şəxslər öz yazılarında İstambulda təhsil almış qəzetin redaktoru Əlibəy Hüseynzadənin üslubuna səylə təqlid etməyə başladılar. Lakin bu təqlid çox gülünc nəticələr verdi. "Həyat" qəzetinin bağlanmasının səbəbləri haqqında biz öz mülahizələrimizi "Znaniye" qəzetinin 6-cı nömrəsində ayrıca danışmışıq. Hazırda bütün Qafqazda Azərbaycan dilində yalnız bircə "İrşad" qəzeti nəşr edilir və o da maddi cəhətdən çox böyük ehtiyac və kəsir içindədir. Kədərlə bu qəmli faktı qeyd etmək lazımdır ki, hələ xalq kütlələrində qəzet oxumaq ehtiyacı yaranmamış və onlarda ictimai məsələlərə qarşı bir laqeydlik və etinasızlıq hiss olunmaqdadır. Bizim yuxarıda göstərdiyimiz səbəblərdən başqa, bu axırıncı məsələ də, şübhəsiz, "Əkinçi", "Kəşkül", "Şərqi-Rus" və "Həyat" qəzetlərinin bağlanmasına mühüm təsir göstərmişdi. "İrşad" qəzetinin fəaliyyətini davam etdirmək üçün onun redaktoru və naşiri Ağayev lazımi miqdarda abunəçi toplamaq üçün Qafqazı səyahət etmişdir. Bu yolla abunəçi toplamaq, əlbəttə, çox adama qəribə və qeyri-adi şey kimi görünəcək, lakin başqa xalqlardan təhsil və mədəniyyətcə geridə qalmış müsəlmanlar arasında isə çap işinə yardım etmək üçün bu ən düzgün və bəlkə də, yeganə vasitədir. Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr edilən "İrşad" ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır. Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir və onun səhifələrində Rusiya müsəlmanlarının həyatında az-çox əhəmiyyəti olan məsələlər diqqətlə və hərtərəfli müzakirə edilir. Odur ki, bütün vasitələrlə bu qəzetə yardım etmək mədəni müsəlmanların üzərinə düşür. Əgər bu qəzet də işin əvvəlində öz fəaliyyətini dayandırmağa məcbur olsa və qol-budaq atmadan solub məhv olsa, onda çətin ki, bundan sonra bir kimsə Azərbaycan dilində qəzet nəşr etməyə cəsarət edə…. Simaları hələ tam müəyyənləşməmiş gənc Azərbaycan jurnalları — "Dəbistan", "Rəhbər" və "Füyuzat" haqqında rəyi xüsusi məqaləmizdə verəcəyik. * * * Azərbaycan komediyaları Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir. Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır. Onun hər hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elə gəlir ki, uzun müddət yaxından tanıdığın adamların arasında olmusan və həmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinə yağdırdığı söyüşlər, özü mal satanda qurana and içib parçasını təriflərkən dediyi sözlər, yaxud Zalxa arvadın ağıllı muhakimələri uzun müddət adamın qulağında səslənir. Zalxa arvad Divanbəyiyə deyir ki, Tarverdi biçarənin heç bir təqsiri yoxdur, o nə eləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən gərək ki, bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlar və i.a. Mərhum Axundov şərq dillərinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azərbaycan türklərinin ləhcəsində, canlı, oynaq və cilalanmış bir dildə yazmışdır. Bu canlılıq və sadəlik sayəsində onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar həmin komediyalar böyük bir maraqla oxunurdu. Biz hələ bu komediyalardan hər birinin həvəskarlar tərəfindən dəfələrlə səhnədə tamaşaya qoyulduğunu demirik. Axundovun komediyaları bir zamanlar çox böyük maraq oyatsa da, xeyli vaxtdır ki, Azərbaycan ədəbiyyatında nə komediya, nə də başqa bir qiymətli bədii əsər meydana çıxırdı. Mən bizim bu günə qədər hələ də İran ədəbiyyatının təsiri altında gah gülün bülbülə məhəbbətini, gah "ay üzlü", "sərv boylu", "tuti kimi şirin sözlü" "gözəlləri" dəbdəbəli bir dillə tərənnüm edən əldəqayırma şairlərin erotik şerlərini demirəm. Onların yazdığı şerlər süni və yeknəsəq forma və məzmunu ilə hamının zəhləsini tökmüşdür, müasir oxucuların tələblərini ödəmir. Yalnız indi, yəni Axundovun komediyalarının meydana çıxdığı vaxtdan otuz il keçəndən sonra, mədəni müsəlmanların ciddi əsərlərə, xüsusilə, dramatik əsərlərə bir qədər meyl və həvəs göstərdikləri nəzərə çarpır. Ədəbi əsərlərin bu axırıncı növünün nümayəndələri kimi biz Haşımbəy və Nəcəfbəy Vəzirovları, N. Nərimanovu və V. Mədədovu (erməni) göstərə bilərik. Haşımbəy Vəzirovun "Evlənmək su içmək deyil" komediyası haqqında mən vaxtilə tatar qəzeti "Tərcüman"da yazmışdım. Onun bu komediyası Axundovun "Məstəli şah" əsərinin təsiri altında yazılmışdır və müəllif komediyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundovun əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya yaxşı işlənmişdir, canlı dillə yazılmışdır; onda həqiqi məişət səhnələri və təbii yumor çoxdur. …. Hər cəhətdən görünür ki, müəllif evlənmək və kəbin mərasimi ilə yaxşı tanışdır. Məlumdur ki, gəlin seçmək, elçi getmək, bəxşiş aparmaq və başqa bu kimi toy işləri müsəlmanlarda bütünlüklə arvadların əlindədir, onlar, o qədər də asan olmayan bu vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Haşımbəy təsvir etdiyi Behbud bəyin xalasının simasında elçilik edən araçı arvadlardan birinin səciyyəsini yaxşı vermişdir. Ümumiyyətlə, Haşımbəy qadın tiplərinin təsvirində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə solğun və inandırıcı çıxmır. * * * Nəcəfbəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər" komediyası ilə Haşımbəyin komediyası arasında ümumi cəhətlər çoxdur. Bunu isə müəyyən dərəcədə onunla izah etmək olar ki, hər iki əsərdə qələmə alınmış hadisələr bizim gündəlik həyatımızda tez-tez təkrar olunur, bu hadisələr hər iki müəllifin diqqətini eyni dərəcədə cəlb etmişdir. Hiyləgər və öz mənafeyini güdən ruhanilərin xalqa zərərli və pozucu təsiri hər iki komediyada qələmə alınmış əsas məsələdir. Lakin çox ola bilər ki, (bu ehtimal daha ağlabatandır) bu iki əsər arasındakı oxşayış müəlliflərin ikisinin də Axundovun "Məstəli şah" komediyasına təqlid etmələri üzündən meydana gəlmişdir. Mən burada Vəzirovların hansı tipləri Axundovun əsərlərindən bütünlüklə götürdüklərini bəzi təfərrüatı ilə də göstərə bilərdim. Lakin bu məsələ məni öz əsas məqsədimdən, yəni oxucuları yeni Azərbaycan pyeslərinin məzmunu ilə tanış etmək vəzifəmdən uzaqlaşdırardı. * * * …. Üçüncü komediya — "Nadanlıq" bu yaxınlarda ədəbiyyat aləminə gəlmiş gənc müəllif Nərimanbəy Nərimanovun əsəridir. Bu pyes qarışıq növdən olan bir dram əsəridir. Hadisələrin düyümü pis düşünülmüş, onların açılması isə qeyri-təbii bir faciə ilə qurtarır. Əsərin heç də yeni olmayan ideyası — nadanlıq üzündən insanların necə kobudlaşdığını və rəhmsiz olduğunu göstərməkdən ibarətdir. Müəllif bədbəxt kəndlilərin şəxsində nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boyalarını əsirgəməmişdir. Lakin əsəri hər cəhətdən düşünüb mülahizə edəndə görürsən ki, müəllif kəndlilərin məişəti və adətləri ilə qətiyyən tanış deyildir; Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr — boş fantaziya məhsulundan başqa bir şey deyildir. Hətta mərhum Axundovun qırx il bundan əvvəlki müsəlman həyatının həqiqi mənzərəsini verən komediyalarında, — yəni o zaman ki, igidlik, rəhmsizlik və quldurluq dəbdə idi, bir-birinə vəhşicəsinə hücum etmək və soyğunçuluq adi bir peşə sayılırdı və varlı bəylər, xanlar tərəfindən təbliğ olunurdu, — hətta belə bir "quldur qəhrəmanlığı" dövrünün canlı lövhələrini verən komediyalarda da cənab Nərimanovun göstərdiyi qədər rəhmsiz və yırtıcı vəhşi surətlərə rast gəlmirik. Halbuki biz nisbətən əmin-amanlıq yaradılmış bir dövrdə yaşayırıq. Dörd pərdəli "Nadanlıq" komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-biri ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi də xeyli çətinləşdirir. Mən burada "Nadanlıq" əsərinin iki əsas qəhrəmanının — gənc müsəlman ziyalıları Məhəmməd ağa ilə Ömərin qüsurlarını qeyd etməklə kifayətlənəcəyəm. Kənd müəllimi Məhəmməd ağa iki aydan artıqdır ki, təyin olunduğu yerə gəlibdir. Lakin bu vaxta qədər onun ancaq iki şagirdi vardır. Kəndlilər öz uşaqlarını dərs oxumağa vermirlər. Bu vəziyyət müəllimi kədərləndirir və narahat edir. Kəndin ağsaqqal adamları yüzbaşının vasitəsilə onun yanına gəlir və rus dilində təhsilə meyl göstərməmələrinin səbəbini cürbəcür izah edirlər. Varlı və nüfuzlu Hacı Abdulla ona deyir: "Ay Məhəmməd ağa, boş yerə başını niyə ağrıdırsan? Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünə görə bir dərdi var. Birinin uşağı qaramal otarır, o birisininki qoyuna gedir, biri yer əkir; uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır". Müəllim məktəbin böyük əhəmiyyətini kəndlilərə başa salmaq, yəni dərs oxumağın faydasını və rus dilini bilməyin vacib olduğunu sadə misallarla sübut etmək əvəzinə başlayır təbabət haqqında, vaxtından əvvəl evlənmək məsələsi barədə, Amerikada əkinçilərin yer şumlayanda qəzet oxumaları və ümumiyyətlə, siyasəti izləmələri haqqında səmərəsiz mühakimələr yürütməyə. Əlbəttə, kəndlilər qəzet oxuyan Amerika əkinçilərini, təbabətin əhəmiyyətini təsəvvür edə bilmədiklərindən müəllimin dediklərini başa düşmürlər və bu sadə, avam adamlar onu məsxərəyə qoyub gülürlər. Sonra təklikdə müəllim öz-özünə fikrə gedir və deyir ki, mən bunlar kimi avam adam görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor eləyibdir ki, namümkündür söz və nəsihətlə bunlara bir şey qandırasan. Düşdükləri bu acınacaqlı vəziyyətdən onları işıqlı günə çıxarasan. Lakin iş burasındadır ki, müəllifin həddindən çox xoşa gəlməz şəkildə təqdim etdiyi bu adamlar o qədər də ümidsiz bir vəziyyətə düşməyiblər ki, onları xilas etmək mümkün olmasın. Əgər müəllim az danışıb, çox iş görsəydi, əgər boş yerə ah çəkib kədərlənmək əvəzinə öz vəzifəsini yerinə yetirmək üçün az-çox təşəbbüs göstərsəydi, faydalı bilikləri avam kəndlilər arasında yaymağa çalışsaydı, şübhə yoxdur ki, o, müəyyən dərəcədə öz məqsədinə nail olardı və bu qədər də mənəvi əzab çəkməzdi. Cənab Nərimanov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt, fəaliyyətsiz və yazıq çıxmışdır. Onun əsərindəki o biri ziyalı tipi olan Ömər də pis təsvir edilmiş və müəllif burada da müvəffəq olmamışdır. Yuxarıda adını çəkdiyimiz Hacı Abdullanın oğlu olan Ömər yaxşı təhsil aldıqdan sonra öz avam həmyerlilərini maarifləndirmək məqsədilə kəndə qayıtmışdır. Lakin nə üçündürsə Ömərin fəaliyyət dairəsi quldurluq və soyğunçuluqla məşğul olan həmkəndlilərini və öz qohumlarını müdafiə etmək üçün hələlik yalnız məhkəmələrə və hökumət idarələrinə gedib-gəlməklə məhdudlaşmışdır. Uzun bir müddət ayrılıqdan sonra Ömər öz dostu müəllimin yanına gəldikdə isə üzr istəyib deyir ki, başı qarışıq və işi çox olduğu üçün vaxt tapıb onun yanına gələ bilməmişdir. Bununla birlikdə söhbət zamanı o deyir ki, kiçik qardaşı Vəli bir ay bundan əvvəl bir neçə nəfərlə gedib poçt yolunda karvan soyublar. Bunun üstündə naçalnik Vəlini həbsə almışdır. Mən möhlət alıb onu həbsdən qurtarmışam. İndi də çalışıram ki, təmiz qurtarsın. Naçalnik də mənə söz veribdir. Başa düşmək olmur ki, nə üçün bu gənc ziyalı öz qüvvəsini və biliyini qətiyyən mərhəmətə və bağışlanmağa layiq olmayan adamların müdafiəsinə sərf edir, yəni ziyalı bir adam olan Ömər doğrudandamı başa düşmür ki, çirkin cinayətlərlə məşğul olan quldurları müdafiə etməklə o, pis əməlləri müdafiə etmiş olur? Cəmiyyətdə mövcud olan qüsurları daha da genişləndirir? Müəllif bu tipi təsvir edərkən hansı məqsədi əldə rəhbər tutmuşdur və nə üçün o, Öməri diqqətə və təqlidə layiq alicənab bir qəhrəman vəziyyətində göstərməyə cəhd edir? Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu da aydın deyildir ki, Ömərin kömək etdiyi həmkəndlilər və onun öz qohumları nə üçün ona şübhə və təkəbbürlə yanaşırlar? Atası Hacı Abdulla onun haqqında danışanda deyir ki, Ömər sərsəm adamdır. Onun sərsəmləməsinin səbəbi isə şəxsiyyətin hüquqları və müstəqilliyi barədə öyrəndiyi sarsaq və vəhşi fikirlərdir, həm də onun oğlunun belə bədbəxt olmağının təqsiri rus dilində təhsil almağıdır ki, buna da o, az pul sərf etməmişdir. Cənab Nərimanov çox çalışır ki, Hacı Abdulla öz oğlunu yeni ruhda böyütməsindən peşman olsun və oğlunun təhsil almağını böyük bir sarsaqlıq hesab etsin. O səbəbə ki, təhsil alanların hamısı axmaq adamlardır. Hacı Abdulla öz kiçik oğlu Vəlidən isə çox razıdır. Vəli barəsində dili ağzına sığmır. Çünki Vəli igid bir soyğunçu kimi ad qazanmışdır; Vəli rəhmsizcəsinə adamları soyub öldürür, öz vəhşi ehtirasını doyuzdurmaq üçün qan tökür, bütün bunlar isə Vəlinin atasına böyük ləzzət verir. Lakin ən kədərli cəhət budur ki, bu quldur Vəli hər dəfə çətinliyə düşəndə onu qurtaran insanpərvər ziyalı Ömərdir və axırda da həmin Vəli Öməri öldürür. Əsərin belə bir faciə ilə qurtarması həddindən çox qeyri-təbiidir. Bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri göstərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə bir laqeydliyin səbəbi isə məncə çox sadədir: Ömərə, onun hərəkətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xeyirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu insan, caniləri, özünün ən yaxın qohumları olan yaramazları müdafiə etsin. Həmçinin mənəvi inkişafın nə qədər aşağı pilləsində olur-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düşməncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin tipləri eybəcər və qeyri-təbiidir. Cənab Nərimanov öz komediyasında kəndlilərin həyatının digər qaranlıq tərəflərini də arabir göstərərkən çoxları üçün ümumi olan bir zəiflikdən yaxasını qurtara bilməmiş və mollanı da çəkib səhnəyə gətirmişdir. Mənim yuxarıda adlarını çəkdiyim iki komediyada molla surəti görkəmli yerlərdən birini tutur. Həm də bu surət dolğun və təbii verilmişdir. Bu komediyalarda, xüsusilə, Axundovun komediyasında molla ağıllı, öz yerini və vəziyyətini yaxşı başa düşən adamdır. Ona həqiqətin və nə isə əsrarəngiz bir qüvvənin təcəssümü kimi baxan avam və sadəlövh adamların arasında molla özünü əla aparır. Bu adamlar mollanın hər sözünü müqəddəs sayır, onun qarşısında sükut edirlər. Nərimanovun əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və axmaq verilmişdir. "Nadanlıq" əsərindəki böyük, hətta az savadlı oxucuların da nəzərinə çarpan bir qüsuru da qeyd etməyə bilmərəm. Bu qüsur komediyadakı işlənməmiş, necə deyərlər, yonulmamış dildir. Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur. Elə bil ki, bu ana dilində yazılmış orijinal bir əsər deyil, rus dilindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə mühakimə yürüdüb (bu ən çox kiçik müqəddimədə özünü göstərir) ərəb-fars sözlərini yerli-yersiz işlədəndə onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür. Lakin "Nadanlıq" hələ təcrübəsiz və ədəbi üsullarla az tanış olan gənc bir müəllifin ilk əsəridir. Buna görə də onun qüsurlarına güzəştlə yanaşmaq və müəllifə müvəffəqiyyət arzu etmək olar. Ən başlıcası isə budur ki, müəllif gərək öz gələcək əsərlərinə daha ciddi və diqqətli yanaşsın. * * * Cənab Vasaq Mədədovun bu yaxınlarda çapdan çıxmış komediyası da bir növ yeni və orijinal əsərdir. Oxucu kütləsi bu müəllifi üç dildə — rus, erməni və Azərbaycan dillərində yazılmış və çox canlı bir komediya olan "Qırt-qırt" əsəri ilə tanıyır. "Qırt-qırt"da olduğu kimi, "Tamahkarlıq düşmən qazanır" adlandırılmış bu yeni komediyasında da müəllifin təsvir etdiyi tiplərə, həyat hadisələrinə obyektiv münasibəti onun nailiyyəti hesab edilə bilər…. * * * Dünyada bəla nədən törəyir? Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur: Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir? Qarğa bəla və fəsadın törənməsini aclıqdan, göyərçin məhəbbətdən, ilan qəzəb və şərarətdən, maral qorxu və vahimədən görüb, hər birisi öz qövl və rəylərinin haqq və savab olmağına dəlil və dəlail gətirirlər. Abid bunların güftgularını eşidib deyir: Dünyada bəlanın zühura gəlməyinə səbəb bədəndir. Qəzəb və aclığın da, məhəbbətin də və qorxunun da mənbəyi və törənəcək yeri bədəndir. Bədən olmasa nə aclıq olar, nə məhəbbət olar, nə də qorxu. Bu hekayədə L. Tolstoyun maralın dilindən söylədiyi sözləri oxuyanda bizim biçarə müsəlmanların halı yadıma düşdü. Maral deyir: "Əgər ürəkdə qorxu olmasa hər şey yaxşı olar, hər iş öz yolu və qaydası ilə gedər. Hərgah böyük yırtıcı heyvanlardan bizim üzərimizə hücum edəni olsa, bacararıq qaçıb ondan xilas olaq, çünki allah bizə tez qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizə zərər yetirə bilməz. Onların dəfi üçün allah bizə buynuzlar mərhəmət edibdir. Amma nə eyləmək ki, canımız doludur qorxu ilə və bu qorxu bizə macal vermir ki, allah verdiyi alat və əsbəb ilə dəfi-məzərrət edək və nəfsimizi xof-xətərdən qurtaraq. Balaca bir səs eşidəndə bütün bədənimizə lərzə düşür, yarpaq kimi tir-tir əsirik, ürəyimiz döyünüb az qalır yerindən çıxsın, qəribə bir hala düşürük". Hərgah maral bilsə ki, bu səs və şıqqıltı yel əsib kolu tərpətməkdən, yarpaqları biri-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o qorxmaz və qorxudan özünü dağa-daşa çırpmaz, əbəs yerə canını fövtə verməz. Həmçinin hərgah bizim müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsil və künhünü bilsələr, bilaşübhə onlardan qorxmazlar və bu qədər bəlalara və fəlakətlərə düçar olmazlar. Bunca əskiklik və ürək sıxıntısı çəkməzlər. Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır! Bu elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sirişt edibdir. Cəhl və nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə, xar və zəlil edibdir. Avamlığımızın ucundan vətənimizdə özümüzü qəriblər, evimizdə yadlar kimi saxlayırıq. Əcnəbi tayfalardan və xarici millət və qövmlərdən bizim içimizdə olanları elm və mərifətləri sayəsində bizdən cürətli, rəşid, dilavər və zirək olurlar. Öz mülkümüzdə, öz yerimizdə və öz məskənimizdə bizə ağalıq edirlər, bizim mal və dövlətimizə sahiblik edirlər. İngilis, firəng, alman və yəhudi və qeyriləri haraya getsələr, hansı məkan düşsə oranı özlərinə mütəəlliq yer hesab edib heç bir şeydən çəkinmirlər, heç kəsdən xof və ehtiyat etmirlər. Elm və bilik bir yandan, ev və məktəb tərbiyəsi başqa bir yandan onları cürətli, zirək, hünərli və hətta bir az həyasız və insafsız eləyir desək, səhv etmiş olmarıq. Beş-on sənə bundan irəli "Kaspi" qəzetəsində qəribə bir əhval yazılmışdı. Bakı ilə Sabunçunun arasında işləyən poyezdlərin birisində bir kupedə üç nəfər şəxs Bakıyamı, Sabunçuyamı — dürüst xatirimdə deyil, — gedirlərmiş. Bunlardan birisi Qafqaz adamı və iki nəfəri: biri arvad və biri kişi, Avropa adamları imiş. Əsnayi-rahdə qafqazlı papiros qutusundan papiros çıxarıb istəyibdir çəksin, amma avropalı mane olub, xanımın hüzurunda papiros çəkmək ədəbsiz bir fel olduğunu ona işarə edibdir! Qafqazlı qızarmış, üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkib, sonra kupeyə daxil olanda görübdür ki, haman şəxs özü siğar çəkir. Bunu gördükdə təəccübanə ondan soruşubdur ki, siz mənim papiros çəkməyimə mane olub, özünüz nə haqq ilə xanımın hüzurunda siğar çəkirsiniz? Avropalı həqarətlə ona bir nəzər yetirib cavabında deyibdir: "Mənimlə sən bərabərmi oldun? Mən nəcib ingilis, sən dəni yerli". Bu cavabdan qafqazlı mütəğəyyiri-hal olub, "nəcib" ingilisə bir sillə vurmuşdu. Bu qəribə işin sonradan suda düşməyi qəzetədə mənim yəqinimdir ki, nəcib ingilisə sillə vuran yerli hər millətdən imişsə də müsəlman deyilmiş. Çünki bizlərdə o cürət və təəssüb yoxdur ki, haqqımızda icra olunan nifrət və etinasızlığa, zülm və təəddiyə mərdanə cavab verib, onları özümüzdən dəf edək, hüquq və ixtiyarımızı gözləyək, şən və izzətimizi, hörmət və ləyaqətimizi mühafizət qılaq. Zülm və sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbredici, tabgətirici, qəzasına razıolucu başqa bir tayfa tapılmaz. Müsəlman mərkəzlərində olan hansı bir uyezd naçalnikinin dəftərxanasına təşrif aparsanız, orada müsəlmanları, xüsusən, qara rəiyyət camaatını ziyanlıq mal kimi zar və zəbun bir halda görərsiniz. Bədəsturi-sud məhkəmələrin səhnində, silistçilərin qapısında, pristavların həyətində müsəlmanlar qoyun sürüsü kimi döşəniblər. Bunlardan çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. Birisinin cürəti yoxdur ki, divan əmələsindən öz təqsirini xəbər alsın, nə işin xatirəsi üçün dəvət olunmasını bilsin. Hamı üstündə ağalıq edir, hamıdan qorxub ehtiyat eləyir. Allah ona ağıl da verib, baş da veribdir. Amma nə eyləmək, maralın canına çökən qorxu onun da canına çökübdür. Şəhərlərdə dəxi müsəlmanların qorxaqlığı və kəmcürətliyi hər qədəmdə və hər məqamda müşahidə olunmaqdadır. Poçtxanalarda, teleqrafxanalarda, banklarda, xəzinələrdə, məhkəmələrdə, apteklərdə müsəlmanları cümlədən geridə məyus durub növbət gözləyən görərsiniz…. Gözəl vaxtın boş və hədər getməyinə heyfləri gəlmir. Əzbəs ki, vaxt onlara artıq lazım olası bir şey deyil. Onsuz da bilmirlər vaxtlarını nəyə sərf etsinlər. Heç olmasa burada gəlib gedənə tamaşa edirlər. Dəmir yollarda dəxi yazıq müsəlmanların başına konduktorlar gətirdiyi bəlanı allah heç kəsin başına gətirməsin. Bu fəlakətlərin tamamisinə səbəb haman maralın canına sirişt edən qorxudur ki, biz müsəlmanların bədəninə də analarımızın südü ilə giribdir. Söz yoxdur ki, hər şeydən qorxan, həmişə qorxu altında ömrlərini çürüdən, dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir. "Maya budlu arvad gərəkdir ki, onlardan da mərbudlu oğlan doğsun". Hünərli, elmli və bacarıqlı və xüsusən, hürriyyət kəsb etmiş analar gərəkdir ki, onlar da hünərli, tərbiyəli, cürətli və bacarıqlı nəsl yetirsinlər. * * * Dost və müəllim N.O.Lomourinin xatirəsi Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər. İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır. Hələ bir az bundan əvvəl yerli gürcü şairi Akaki Seretelinin cənazəsini Qoriyə yola salarkən Nikolay Osifoviç gözləri yaşarmış halda aşağıdakı sözləri dedi: "Şvidobit[1], şvidobit, əziz və unudulmaz dost! Tezliklə başqa, gözəl bir dünyada görüşərik…". [1] Şvidobit — əlvida. Onun peyğəmbəranə dediyi sözlər düz çıxdı. O öz dost və müəlliminin ayrılığına uzun müddət dözə bilmədi və ardınca ora, gedər-gəlməzlər dünyasına getdi. Nikolay Osifoviç Xarkovda Ruhanilər akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan gimnaziyasında işləməyə başladı, lakin orada o uzun müddət xidmət etmədi. 1884-cü ildə o, Zaqafqaziya müəllimlər seminariyasında gürcü dili müəllimi vəzifəsinə təyin olundu və ömrünün sonuna kimi bu vəzifədə işlədi. N. O. Lomouri gürcü dilinin gözəl bilicisi və belletrist sayılırdı. O öz povest və romanları ilə gürcü ədəbiyyatını bəzəyib zənginləşdirmişdir. Heç kəs gürcü qadınlarının kədərli taleyini, kəndli təbəqələrinin qəm və əzablarını N. O. Lomouri kimi sənətkarlıqla təsvir etmir. Nikolay Osifoviç bir tərbiyəçi və ustad kimi uşaq qəlbini gözəl bilən təcrübəli bir müəllim idi, şagirdlərə ata məhəbbəti bəsləyirdi. Onun gənclərin tərbiyəsinə olan münasibətinin əsasını, şüurlu tələbkarlıq və ciddiliklə dolu insanpərvərlik təşkil edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli, Baçana və başqaları kimi gözəl xalq maarifpərvərləri və istedadlı yazıçı və şairlər N. O. Lomourinin tələbələridir. O, seminariya şagirdlərinin hamısına eyni münasibət bəsləyir və gürcülərlə gürcü olmayanlar arasında fərq qoymurdu. Belə bir münasibətə görə, seminariyanın Azərbaycan şöbəsinin şagirdləri onu xristian pansionunun şagirdlərindən az sevmirdilər. Bir yoldaş kimi Nikolay Osifoviç səmimi insan idi: diqqətli, qayğıkeş və xeyirxah bir insan kimi o, yoldaşın və dostun səadəti üçün öz mənafeyini qurban verməyə hazır idi. Seminariya müəllimləri arasında ümumi hörmət və məhəbbət qazanmışdı. Heç kəs gənc nəslə Nikolay Osifoviç kimi təsəlli verməyi, yaxşı məsləhətlər etməyi bacarmırdı. Əziz dost və unudulmaz yoldaş, sənə rəhmət olsun. Rəhmdil allah böyük kədər içərisində olan ailənə və saysız-hesabsız tələbələrinə səbr versin. * * * Ədəbiyyatımıza dair məktub Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir: Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz, Rəsid şiraziyanra bər fələk naz[1]. [1] Tərcüməsi: Üçüncü, Sədidir ki, Şirazda özünü göstərəndə şirazlıların nazı fələkə çatdı. Həqiqətdə Sədi kimi ədibi-binəzirin və sahibi-hikmət və vücudun adı ilə iftixar edib, fələkə də naz etmək olar…. Ancaq bu qədər var ki, Sədinin əsərləri bir Şiraz əhlinə və fars millətinə mütəəlliq olmayıb, bəlkə cəmi mədəni tayfalara və millətlərə hüsn xidmət göstərir. Buna görə Sədi dəxi bir şirazlıların olmayıb, bəlkə cəmi aləmin mürəbbisi və filosofu hesab olunur və habelə Tolstoy, Şekspir, Göte və qeyriləri…. Bunların təəllüqü cəmi aləmə çatar, bir millətə və tayfaya çatmaz. Bunlar ümum xəlayiq və insaniyyət müəllimi və mürəbbisidirlər, nəinki məhz bir millət ədibi və şairi. Şeyx Sədi əleyhirrəhmə öz vəzifəsini və öhdəsinə götürdüyü böyük təklifi kamalınca bilib nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümum nasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib timsal götürüb, hekayələr nəql edib deyir ki, ey adəm övladı, sizi həqqə irşad edən və nicat və salamatlığa yetirən yol budur, həqiqətdə adam isən, bu yol ilə get və nəsihətlərimi dərguş qıl. Pənde-Sədi bequşe-can beşino, Rəh çinin əst, mərd başu bero[2]. [2] Tərcüməsi: Sədinin nəsihətini bütün varlığınla eşit, Yol belədir, kişi ol və get. Həqiqi şair öz zəmanəsinin aynasıdır və Puşkinin deməyinə görə, şair qayalardan və dərələrdən gələn əks-səda mənziləsindədir. Necə ki, heyvanın bağırtısına, göyün gurultusuna və çobanın uca avaz ilə bayatı çağırmasına əks-səda cavab verib hər bir sövtü eyni ilə təkrar edir, həmçinin həqiqi şair dəxi öz camaatının hər qisim sədasına, xah o səda suznak nalə və fəryad olsun və xah fərəhəngiz; bəşaşət və şadyanalıq səsi olsun, gərəkdir eyni ilə cavab verə; öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə; təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə cürət və cəsarət ilə dəvət edə. Amma hər kəlamın təsiri o vaxt dürüst və təbii olar ki, onun mənbəyi şairin ürəyi və zəmiri-safi ola. Ağıl və zor ilə yazılmış kəlam nə qədər mövzun və müsəlsəl olsa da, oxuculara təsir edə bilməz. Hissiyyati-qəlbiyyə bəlağət və fəsahətin əvvəlinci müəllimidir. Hər bir müəllif və şairin baş arzusu qarelərin qəlblərini təsxir etməkdir və bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, əşar və asarın törənəcək yeri hissiyyat ola və hissiyyat nə qədər ali və təbii olsa, bir o qədər kəlamın təsiri artıq olacaqdır. Azərbaycan şairlərindən Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasımbəy Zakirin və Hacı Seyid Əzim Şirvaninin kəlamları cümlə əhli-savada və sahibi-kəmalımıza xoş gəlir. Bu müntəxəb şairlərin qələmlərindən hər nə zühurə gəlibsə, demək olar ki, can riştəsi ilə və ürək qanı ilə təhrir və tənzim olunubdur. Əgər həqirə irad tutulsa ki, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin əşar və əbyatı əksəriyyətlə mədhi-hüsn və eşqi-dilbər barəsində olub, özgə bir ruha qida, ağla qüvvət, fikir və xəyala hərəkət və vüsət verən əsərlər yoxdur, cavabında deyəcək sözlərimiz bu olacaqdır ki, əvvəla, bunlar öz əsrlərinin təqazasına müvafiq rəftar ediblər və hər nə ki, yazıblar, — xah müxəmməsat, xah müstəzad, xah qəzəliyyat və rübaiyyat, — təmamisi səmimi-qəlbdən və hissiyyati-həqiqi ilə bəhəmə gələn əsərlər olubdur. Belə ki, bunların mütaliəsi hər əhli-zövqə təsir edə bilir. Və saniyən, Vaqifin və Vidadinin mədhi-hüsn babində yazılan əsərlərindən əlavə, xeyli əşar və əbyatları dəxi vardır ki, onlarda keçmiş əsrin ayin və adatı və adamlarının adab və əxlaqı və dolanmaları artıq məharətlə rişteyi-nəzmə çəkilib, gələcək nəsil üçün böyük yadigar məqamındadırlar. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar, sözümüzü təsdiq edərlər. Molla Pənah Vaqifin tərifi-çuxa, nimtənə, kürk, şalvar və tüfəng və tərifi-Tiflis və vəsfi-hamam və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlirsə, həqiqətdə əhli-mərifət nəzərində bimisl əsərlərdir. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, adab və əxlaqını, əlbisə va ətiməsini, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza və dəstgahını ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdari ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur. Bunlardan maəda Vaqifin əbnayi-vətənə vəz və nəsihət səpgisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb, oxucuların bir yandan təhsin və tərifinə və bir yandan heyrət və əndişəsinə səbəb olacaqdır. Həmən müxəmməsdən bir bəndi göstərməklə iktifa edirik: Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-[qəmü] dərdi-fəraq. Cifəyi-dünyayadır hər ehtiyacü iştiyaq, Munca kim, etdim tamaşa, zillərə asdım qulaq, Kizb, böhtandan savayı bir hekayət görmədim. Görəsən, aya, bu sözlər hansı əqvam və miləl arasında məzmundan düşüb cifəyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmal və əqvalında kizb və böhtan əvəzinə doğruluq və düzlük işlənəcəkdir? Tutalım ki, sədaqət və düzlük yoxdur, bəlkə adəm atanın övladı arasında həqşünaslıq, şükrannemət, qeyrət, hümmət, şərm, həya, etibar və etiqad var. Heyfa ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və məlul eləyir. Budur, oxuyun: Gün kimi bir şəxsə gündə xeyr versən, səd həzar, Zərrəcə etməz ədayi-şükrnemət aşikar. Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Bundan ötrü mən də çox gəzdim, nəhayət, görmədim? Filhəqiqə, acı və hüznavər sözlərdir və filhəqiqə ürəkdən çıxan suznak nalə və fəryaddır! Amma nə qədər acı və əziyyətli isə də həq və doğrudur, bunları batil etməyə əldə bir çarə və dəlilimiz yoxdur. Etiqad və etibar, qeyrət və namus özgə millətlərdə varsa da, biz müsəlmanlarda yoxdur. Və illa belə zəlalət və fəlakətdə qalmazdıq və bu ana qədər biz də bir ağ günə çıxardıq. Qasımbəy Zakirin və Hacı Seyid Əzimin barəsində özgə bir vaxtda danışarıq. Bu iki vücud Azərbaycan şüəra və üdəbasının ən məşhuru və ən müntəxəbi hesab olunur. Azacıq sözlər ilə bunların tövsif və tərifi və əsərlərinin dərəcəyi-əhəmiyyəti təqrirə gələsi deyil. İndiki şairlərimizə gəldikdə, onların təbi-şerləri barəsində bir sözümüz yoxdur; təbləri mövzun, fikirləri gözəl, niyyətləri məqbul və müstəhsən olmağına şübhəmiz yoxdur. Bunların hamısı var. Ancaq şerə lətafət və məlahət verən hissiyyati-həqiqi və zövqi-təbii yoxdur va buna da səbəb anladığımıza görə odur ki, bu ərbabi-bəlağətlərimiz bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. Məsələn, "elm". Bu halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zərur olmasını inkar edə. Avamdan dəxi sual olunsa ki, şeyin elmi yaxşıdır, yoxsa cəhli, bişək və laşübhə deyəcəkdir ki, elmi yaxşıdır. Belə olan surətdə uzun-uzun şerlərdə elmi və kamalı tərif etməyə nə hacət var. Xah Avropanın və xah məşriq-zəminin məşhur ədibləri və namdar şairləri "elmi" və ya "məktəbi" sərməşq tutub, öz təlifat və əsərlərində bunları tərif etməyiblər. Gözəl nəsihətlər, hikmətamiz hekayələr, vətənə məhəbbət, millətə xidmət, təvarixdən şayani-diqqət əhval və rəvayətlər, dostluqda sədaqət, əhdə vəfa etmək və bunlar misilli min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsiləyi-təbinə hərəkət versə daha ziyadə mərğub olmazdımı? * * * Ədəbiyyatımıza dair Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir. MOLLA VƏLİ VİDADİ Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimana, durnalar? Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar? Təsbih kimi qatarınız düzərsiz, Havalanıb ərş üzündə süzərsiz, Gah olur ki, danə-xurə gəzərsiz, Siz düşərsiz pərişana, durnalar! Ərz eləyim bu sözümün sağıdır, Yollarınız həramıdır, yağıdır, Şahin, şunqar sürbənizi[1] dağıdır, Boyanarsız qızıl qana, durnalar! [1] Sürbə — sürü, dəstə və qatar mənasınadır. Durna sürüsünə "sürbə" deyilir. Əzəl başdan Bəsrə, Bağdad eliniz, Bəylər üçün ərməğandır teliniz, Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Bir baş çəkin dərdməndin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə Siz yetirin bir nişana, durnalar! MOLLA PƏNAH VAQIF Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz, bizə, durnalar! Sizə müştaq olub Bağdad elləri, Gözləyə-gözləyə qalıb yolları, Asta qanad çalın, qafil telləri, Heyifdir, salarsız düzə, durnalar! Xeyli vaxtdır yarın fərağındayam Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün gözə, durnalar! Mən sevmişəm ala gözün sürməsin, Bədnəzər kəsibən ziyan verməsin, Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Nazənin-nazənin edərsiz avaz, Ruh [da] tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz, Hərdəm sizin ilə gəzə, durnalar! QASIMBƏY ZAKİR Bir saat havada qanad saxlayın, Rəhm edin didəmdə yaşa durnalar! Qatarlaşıb hansı yerdən gəlirsiz Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Bu vilada hər gün tökülür qanlar, Yavaş-yavaş keçin, səsniz anılar, Laçın yatağıdır bizim məkanlar, Qorxuram sürbəniz çaşa, durnalar! Diyari-qürbətdə müddətdi varam, Gecə-gündüz canan deyib, ağlaram, Mən də sizin kimi qəribi-zaram, Eyləməyin məndən haşa, durnalar! Mən sevmişəm yarın ala gözünü. Nəsib ola bir də görüm üzünü, Yoxsa danışırsız dilbər sözünü, Veribsiniz nə baş-başa, durnalar? Zakirəm, od tutub alışdı ciyər, Var isə canandan sizdə bir xəbər, Təğafül etməyin, allahı sevər, Dönməsin bağrınız daşa, durnalar! Əgərçi bu mürəbbeatın iki axırıncısı əvvəlkinə nəzirədir və lakin bunlardan birini o birilərinə tərcih vermək çətindir. Çünki hər bir şairin kəlamının məxsusi bir şivəsi vardır. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara üz tutub, öz hali-dilini ərz qılır. Vidadi xəstə öz hüzn-ələmindən və şikəstəxatirliyindən dəm vurub elə zənn eləyir ki, durnalar dəxi həmişə qəm və ələmə mübtəla olub, oxuduqları nəğmələr fərəh və şadlıq ucundan olmayıb, qəm və qüssədən naşi ah və nalələrdir. O səbəbdən şair onlara xitab edib deyir: Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar? Onların şirin dili Vidadinin ürəyini parça-parça eləyir: Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Burada şan-şan, yəni parça-parça əvəzinə vəzni-şer düz gəlmək üçün şana-şana yazılıbdır. Vaqif dəxi həmçinin öz qəlbində olan hissiyyati-təbiisindən söz açıb durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu ala gözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? Onlara belə deyir: Xeyli vaxtdır yarın fərağındayam, Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün gözə, durnalar! Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır, onların avazı şairin ruhunu təzələndirir və onu dövrə qalxmağa, ərş üzündə onlarla seyr və səyahət etməyə təhrik qılır: Nazənin-nazənin edərsiz avaz, Ruh da tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz, Hərdəm sizin ilə gəzə, durnalar! Məlum ola ki, nə qədər ki, Molla Pənah Vaqif əhli-zövq və səfa idi, beş günlük ömrünü fürsət bilib istərdi ki, onu eyşi-işrətdə keçirib, könlündə bir həsrət və arzu qoymasın, bir o qədər də onun dusti-həqiqisi Molla Vəli Vidadi dünyanın zövq və səfasına bel bağlamayıb, onun bivəfa olmasından mütənəffir və məyus idi, qəlbi və meyli axirət dünyası ilə olub, ibadət və riyazətlə ömr keçirməyi beş günlük eyş-işrətə tərcih qılırdı. Necə ki, bu barədə şair özü buyurubdur: Fikr etsən əyər dəhrin işi bəhri-bəladır, Bir dürri-giranmayəsi min cana bəhadır, Hər nəqşi bir ayineyi-isbati-fənadır, Məqsudi-dü aləm yenə təhsili-rizadır. Bir cam yetir, saqi ki, dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Qasımbəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsirr, yoldaş və rəfiq hesab etsinlər: Diyari-qürbətdə müddətdi varam, Gecə-günduz canan deyib ağlaram, Mən də sizin kimi qəribi-zaram, Eyləməyin məndən haşa, durnalar! Amma hər üç şairin durnalara yazığı və rəhmi gəlib dostluq və mehribanlıq üzü ilə onlara tapşırırlar ki, bu yerlər xatalı yerlərdir. Burada durmasınlar və səslərini çıxartmayıb, ahəstə keçib getsinlər və illa şahin və laçın duyuq düşüb onların sürbəsini dağıdar və qızıl qana boyar. Vidadi deyir: Şahin, şunqar sürbənizi dağıdar, Boyanarsız qızıl qana, durnalar! Vaqif deyir: Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Zakir deyir: Laçın yatarıdır bizim məkanlar, Qorxuram sürbəniz çaşa, durnalar! Mühəssəlülkəlam, hər bir şairin kəlamında özgə bir lətafət və başqa bir hiss və məlahət var ki, əhli-dil və ərbabi-zövq və kamal onları oxuduqda dərk eləyir və hər o şey ki, qəlb ilə hiss olunur, bəzi vaxt yazmaq və sevilməklə ifadə olunmaz, təqrir və bəyana gəlməz. * * * Gürcü şairi Akaki Sereteli yubileyinə dair Necə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik. Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar. Zahirdə bu adət nəzərə bir az təəccüblü gəlirsə də, həqiqətdə bunun yaxşı tərəfləri vardır. Belə ki, xass ilə amın, rəiyyət ilə ağanın mabeynində hər iki sinfi bir-birinə yaxınlaşdırmaq üçün bir vəsilə əmələ gəlir, xüsusən, o halda ki, tərbiyəyə verilən ağazadənin süd qardaşı və süd bacısı ola. Burada balaca knyaz kənd uşaqlarının içində böyüyüb, onların adab və əxlaqını, dünyaya nə göz ilə baxmağını, hərəkat və səkanatını, danışıqlarını, adətlərini, bilaixtiyar iqtibas edib, onlar kimi sadə dolanmağa, soyuğa və istiyə, aclığa və susuzluğa körpəlikdən adətkərdə olmuşdur. Knyaz Sereteli indi də haman gözəl vaxtını həsrətlə yad edir və kənd uşaqları ilə bir yerdə oynadıqlarını, bağda və çəməndə gəzməklərini, çiçəklərdən dəstə bağlamaqlarını, dünyanın qayğısından əsla bixəbər olmaqlarını yada gətirməklə könlünü şad eləyir. Şair kənd əhlindən və balaca yoldaşlarından eşitdiyi qisim-qisim nağılları sonradan başqa libasa geyindirib, gözəl əsərlər meydana gətirmişdir. Uşaq mövsümünün ikinci hissəsini şair valideyninin təhti-nəzarətində keçirir. Fəqir əkinçinin hisli və boş daxmasından dövlətmənd və sahib-hökumət knyazın müzəyyən və bəzəkli otağına müraciət edib və burada olan calalı və otuz nəfərdən ziyadə pişxidmətlərin qabağında əlibağlı durmağını görüb şair heyrətə düşür, oradakı yoxsulluq, ehtiyac və sadəlik, buradakı dövlət, təntənə, büsat, bolluq, izaf? x?rcl?r…. N? boyuk t?favut, n? ziyad? f?rq!…. Seretelinin əvvəlinci müəlliməsi mehriban anası olubdur, hansı ki, öz əsrində artıq bilikli və elmli arvadlardan birisi hesab olunurdu. Amma atasının çəndan elm və savadı yox imiş. Səkkiz yaşı tamam olduqda balaca Akakini atası Kutaisdə gürcü dvoryan gimnaziyasına qoyur. Burada əvvəl dəfə azadəliyə adət etmiş knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. O vaxt acıqlı, qaş-qabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. Heç zadın üstündə şagirdi döymək, qaranlıq otağa salmaq, yemək və içməkdən məhrum etmək bizim köhnə məktəblərdə işlənən kimi gürcülərin gimnaziyalarında dəxi mötəbər qaydalardan sayılırdı. Kutais gimnaziyasında Sereteli çox zəhmət və məşəqqətlə rus dilini öyrənir, amma gimnaziyanın kursunu tamam etməyə üç-dörd ay qalmış müəllimlərin cövrü sitəminə artıq təhəmmül edə bilməyib, şair ata və ananın izni ilə oradan çıxır və Rusiyanın paytaxtı Peterburqa azim olur. Burada əlsinəyi-şərqiyyə mədrəsəsinə daxil olursa da, ona iktifa etməyib, o vaxtda məşhur professorların leksiyalarına qulaq asmaqla xeyli məlumat kəsb eləyir. Rus studentləri ilə dostlaşıb keçən əsrin altmışıncı sənəsində məşhur ədiblərin əsərlərini artıq həvəslə oxuyub, rusların məişəti ilə aşna olur. Bu vaxtlarda knyaz Akaki özü dəxi başlayır qələmini imtahan etməyə. Onun əvvəlki yazıları vaxtın təqazasına görə imperator Aleksandr saninin verdiyi reformalara dair məqalələr idi. Bu məqalələrdə ki, "İsti xəbərlər" sərlövhəsi ilə "Droeba" qəzetində çap olunurdu, Akaki reformanın tərəfdarı olmağını bildirib, rəiyyət tayfasının knyazların və mülkədarların təhti-hökumətindən və zülm-sitəmindən xilas olmasını suzişli dil ilə bəyan edərdi. Onun məqalələri artıq şövq ilə oxunurdu. Bundan bir zaman keçmiş şair başlayır nəzmlə yazmağı və bizim Azərbaycan şairləri kimi gülü, bülbülü, bahar və şərabı vəsf edib, mədhi-dilbər barəsində gözəl şerlər yazır ki, indi də oxuyanları valeh edir. Nəzmin əqsamindən savayı onun nəsr ilə yazılmış hər növ əsərləri: romanı, draması, komediyası, təlimi-ətfala dair nağıl və hekayələri və məzhəkələri vardır. Seretelinin təbi ziyadə mövzun və rəvan olmağa görə yazdığı əsərlərin dəxi həddi-hesabı yoxdur. Bir şerində şair təbi-şeriyyəsini bəyan edib deyir: "Mənim mürəkkəbim zəhər və bal ilə, sirkə və göz yaşı ilə məmzucdur. Mən istəyirəm ki, şerlərimi fəqir oxuduqda fəqirliyini unutsun, bədbəxt oxuyanda təsəlli bulsun və haqq-savabı hər kəs nəzmimdə hiss edib xoşhal olsun, amma şerlərimin vasit?si il? dusm?nl?rin d? ur?yin? z?h?r dam?zd?rmaq ist?yir?m….". Bununla belə, Akaki Seretelinin ümdə arzusu və baş fikri məhəbbət və qardaşlıqdır. Gələcək zamanda hamı millətlərin birləşib ittihad və ittifaqı və qardaş kimi mehriban dolanmaq arzusu şairin təbini güşadə edib, onun xəyalatını uca məqamlarda gəzdirir və bu ümumi ittifaqın ziddinə gedən təəssübkeşləri, nifaq və ziddiyyət toxumunu səpənləri və ürəklərdə kin və ədavət bəsləyənləri və filcümlə haqq üzünə pərdə çəkənləri nifrət ilə yad edib, lənət damğasını onların alnına basır. Sereteli yektərəf və mütəəssib millətpərəstlərdən deyil ki, öz millətinin eyb və qüsurunu görməyib, ancaq onu layiqi-məhəbbət və təhsin bilsin. Sereteli üçün hamı millətlər müsavidir və bir-birinə qardaşdır. Şairin ibadət eylədiyi məbədgahda bütün insaniyyət sığışa bilir. Onun üçün kilsə, məscid və yəhudilərin sinaqoqu yeksandır. Çünki həqiqətdə hər bir millətin getdiyi yol əlavə isə də, məqsədi birdir. Cümlə haqq tərəfinə, xudayi-ləmyəzal canibinə sövq etməkdədir. Bu barədə Sereteli bizim şüəradan mərhum Abdulla bəy Asini və Hacı Seyid Əzim Şirvanini dərxatir edir ki, onların da məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir, nəinki yalnız bir qövmün nicatı. Və məbudi-həqq birdir; hər kəs nə dil ilə və nə qayda təriqi ilə ona ibadət edəcək etsin, necə ki, Asi deyibdir: Kiniştu Kəbə yeksandır, əzizim, Çu min xud talibi-didar imiştum. [1] [1] Tərcüməsi: İlahi, məscidə meyxanə dönsün, Tökülsün badəsi, peymanə dönsün. Və Hacı Seyid Əzim buyurubdur: Kimisi Kəbədə həqqi, kimi deyr içrə görər, Hərə bir növü gəzər, axtarar ol sübhani. Və insaniyyət barəsində demişdir: Demirəm rus, ya müsəlman ol, Hər nə olsan get əhli-ürfan ol. Seretelinin baş arzularından birisi də təzə nəsl ilə köhnə nəslin, yəni atalar ilə oğulların birləşib yekdil və yekcəhət olub, vətənin və millətin xeyr və səlahı üçün sərfi-hümmət etməkləridir. Bu xüsusda bir nəzmində deyir: "Hərdəm ki, gözəl bir xəndəni və canalıcı bir baxışı yada salıram, cürət və qüvvətim artır. Haqq yolunda bütün aləm ilə cəng etməyə müqtədir oluram. O xəndə mehriban ananın və sevgili yarın xəndəsi deyil, o xəndə yeni hasilə gələn cavan nəslin xəndəsidir ki, onu dünyanın malına dəyişmərəm. O xəndədir mənim qəlbimə səfa və təbimə tab və qüvvət verən!". Akaki Seretelinin təbi romantizmdən xali deyil. Onun "Suliko" (Cancığazım) ünvanında yazdığı bir nəğmə başdan ayağa romantizmdir. Bu nəğmə rus və firəng dillərinə tərcümə olunubdur və tamam Gürcüstan onu sövt ilə oxuyur. Məzmunu budur: "Sevgili cananın qəbrini axtarırdım və heç yerdə onu tapmayıb ağlaya-ağlaya çağırırdım: Haradasan mənim canım, Suliko? Bu halda xar və tikan içrə gözüm yeni açılmış tər və tazə qızıl gülə sataşdı. Ondan sual elədim: mənim Sulikom sənmisən? Cavabında qızıl gül qızarmış və şərməndə başını aşağı dikdi və bir damcı duru və müəttər şeh göz yaşı tək yerə saldı. Bu əsnada gülün içindən bülbül pırıldayıb nəğməsini kəsdi. Müşfiqanə ondan sordum: Gözəl quşcuğaz, mənim Sulikom sən deyilsən ki? Bunu eşitcək biçarə bülbül dərhal uçub gül şaxının üstünə qondu və dimdiyi ilə gül yarpağına ahəstə toxunub başladı ah və nalə eləməyə, onun nəğməsi məni valeh etdi. Qaranlıq gecədə ulduz zəif şəfəqini üzümə saldı. Ondan sual etdim: Ey gözəl ulduz, bəlkə mənim Sulikom sənsən? Ulduz atəş kimi alışıb yanmağa başladı və şəfəqini daha da artırıb üzümü və gözümü münəvvər etdi. Bu halda lətif bir yel əsdi və mənim qulağıma pıçıldadı: "Axtardığını tapdın, şad ol, qəm və qüssəni unut, vaxta ki, gün batar, dünyanı qaranlıq bürür, göydə ulduz, yerdə bülbül və gül sənin qəlbini şad edər. Sənin sevgilin vəfat edibsə də, səndən ayrılmayıbdır və üç sifətdə həmişə səninlə vardır". Odur ki, mən hər şeydən artıq gülün ətrini, bülbülün naləsini və ulduzun şəfəqini sevirəm. Hər üçündə mənim Sulikom özünə məkan tutmuşdur". Akaki Sereteli knyaz Çavçavadze kimi vətən uğrunda və millət yolunda kişilərin mərdanəliyindən danışıb, gürcü arvadlarını da unutmayıbdır. Onların vətən yolunda qeyrət və namuslarını şairanə nəzmə çəkibdir. Bir nəzmində belə bir əhval söyləyir: Gürcü xatınlarından birisi üç nəfər oğlunu vətən mühafizəsi üçün davaya göndərib, artıq iztirab ilə onlardan xəbər gözləyir. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. Müxbir ahi-cansuz ilə cavab verir ki, sənə qara xəbər gətirmişəm. Arvad artıq söyləməyə macal verməyib deyir: "Bu barədə danışma, söylə görüm hansı tərəf qalib oldu, vətənimiz salamatdırmı, yoxsa düşmən əlinə düşübdür. Xəbərçi ona təsəlli verib deyir: "Qorxma xanım, gürcülərin qılıncı kəskindir və hünəri artıq. Biz düşmənə qalib gəldik". Bunu eşitcək arvad allaha şükür edir və oğlanlarından xəbər tutur. Xəbərçi onun böyük və kiçik oğlunun vətən uğrunda qətlə yetişməyini xəbər verdikdə gözlərindən iki damla yaş salıb deyir: "Mən onları vətəni mühafizə etmək üçün bəsləmişdim. Bəs ortancıl oğlum qardaşlarının intiqamını aldımı?"--deyib sorduqda xəbərçi deyir: "Xeyr, xanım, bu barədə sənə təsəlli verməkdə acizəm. Ortancıl oğlun düşmənin hücumundan qorxub qaçdı, qardaşları qan tökən zaman o meşədə yarpaqlar altında gizlənmişdi". Bəşirin bu xəbəri biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır, yaxasını çak qılıb, əmcəklərini əlinə alıb deyir: "Səni yox olasan ki, belə qorxaq oğul bəslədin və məni töhmət altında qoydun". Bizim xanımlar üçün şayani-ibrət bir haldır! Arvadların fədakarlığı və vətən yolunda izhar etdikləri hünər və sədaqət hər əsr və zamanda gürcülər üçün mayeyi-fəxr olub, ədibləri onların barəsində gözəl nağıl və hekayələr tərtib etmişlər. Onlardan birisi də Akaki cənablarının "Natela" ismində nəzm etdiyi hekayədir: Gözəl Natela ağ rəngdə bir çuxa tikibdir və elam edibdir ki, o çuxanı geyən xoşbəxt o kəs olacaqdır. Hansı ki, onu düşmənin qanı ilə əlvan və qırmızı boyayacaqdır və sakin olduğu qəsrin ətrafında yüz iyirmi paya sancıbdır. Hansı igid yüz iyirmi düşmən kəlləsi gətirib payaların başına sanca, Natela canını və cismini ona təslim edəcəkdir. Minqrel knyazlarından rəşid və nəcib Sotne Dadiani qaniçici nazəninə toy sövqatı üçün yüz iyirmi düşmən kəlləsi gətirir. Amma toy başlananda Natela nişanlısına təklif edir ki, öz dost-aşnaları ilə gedib, Kartaliniyanı (Gürcüstanın şərq tərəfini) monqolların zülmündən xilas eləsin və illa toy olmayacaqdır. Bu təklifi toya cəm olan cavanlar qəbul edib, şövq ilə monqollar üstə azim olurlar. Bunların qəsdini monqollar duyub, çoxlarını tələf edir və knyaz Dadiani yoldaşları ilə əsir düşür. Monqol padşahı Noinin fərmanı ilə knyazları çıplaq soyundurub ağaclara sarıyırlar və bədənlərinə bal sürtürlər ki, günün qabağında hər qisim həşərat onların qanını sorsun. Noin işrətdə ikən ona xəbər verirlər ki, bir arvad onu görmək istəyir. Arvad hüzura gəldikdə dəfətən üzündən rübəndini açıb yerə atır və cümləni gözəlliyi ilə heyran edir. Bu övrət knyaginya Natela imiş. Noinin işarəsi ilə hüzurda olanlar dışarı çıxır və özü taxtdan düşüb Natelaya tərəf hərəkət edir. Natela libasının altında gizlədiyi xəncəri çəkib hökm edir ki, yerindən tərpənməsin. Noin heyrətdə qalıb başlayır ona yalvarmağa və padşahlığının yarısını, mal və dövlətini ona vədə edir, hətta ona qul olmağı iqrar edir, ta ki, xahişini əmələ gətirsin, ona arvad olsun. Natela cümləsini rədd eləyib deyir: Mən özüm də sənin kimi padşaham, heç bir şeyə ehtiyacım yoxdur. Mən səndən təvəqqe edirəm ki, nişanlımı öz adamları ilə xilas edəsən. Noin ünas əhlindən əvvəlinci dəfə belə mərdanəliyi, rəşadət və cəladəti və ali hissiyyatı müşahidə etdikdə o, valeh və məbhut olur, bir az fikrə gedib onun dəruni aləmində bir təbəddülat vüquə gəlir. Dərhal sui-qəsdindən daşınıb, knyaz Dadiani ilə sağ qalmış yoldaşlarını xilas edir və rəşid Natela ilə Gürcüstan barəsində sülh bağlayıb Gürcüstandan çıxır. Bu hekayənin az-çox əsli olmağı Gürcüstan tarixindən görünür. Knyaz Seretelinin bundan əlavə hübbi-vətən babində tarixdən əxz olunmuş hətta mütəəssir tragediyaları vardır ki, onda Gürcüstan arvadlarının fədakarlığı ədibanə yazılmışdır. Onlardan məşhur "İraqli dövvüm" ("Patara qaxi"), "Tamara", "Medeya" və qeyriləridir. Dramdan savayı Akaki cənabları bir çox komediya dəxi yazmışdır ki, cümləsində gürcülərin məişətini artıq məharətlə göstəribdir və mərhum Mirzə Fətəli Axundovun komediyalarından məşhur "Xan sərabi"ni türkdən gürcü dilinə tərcümə etmişdir və bir çox romanlar, povestlər, hekayə və nağıllar vasitəsilə Gürcüstanın keçmişdəki və indiki halı ilə öz millətini xəbərdar etmişdir. Onların təmamisi ilə oxucuları aşna etmək qeyri-mümkündür. Onlardan nümunə üçün abxazların dolanacağından "Mürəbbi" ünvanı ilə yazdığı bir hekayənin məzmununu burada zikr etməyi münasib gördük. Bir halda ki, bu hekayənin təlim və tərbiyə məsələsində artıq əhəmiyyəti vardır. Abxaziyada olan uca dağların birisinin başında cavan bir abxazlının evi qaralırdı. Burada cavan abxazlı gözəl və istəkli Nazibrola adlı yarı ilə dünyanın qayğısını unudub işrət edirdilər. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. Yorulmuş müsafir qardaşının yanına bir işdən ötrü gəlibdir. Onun ürəyi eşq odu ilə alışıb yanır, çoxdandır gözəl Ziya xanıma aşiq olubdur, amma məzurə Ziya xanım ona təklif edir ki, Əlməqsudun kəhər atını oğurlasın və illa ona getməyəcəkdir. Əlməqsudun kəhər atı isə cəmi Abxaziyada adı ilə söylənir və hamı ona aşiqdir. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xətalı səfərdən mən edir, amma qardaşının xatirəsi üçün bu çətin əmri öz öhdəsinə götürür. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı ki, rəşid abxazlı yedəyində kəhər at dar və qorxulu cığır ilə dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. Süd qardaşı yapıncı altında xabda idi. Amma onun istəkli yarı Nazibrola üzü-gözü qanlı, yaxası parçalanmış, zülfləri pərişan halda gözlərindən yaş tökürdü, rəxtxab isə dağınıq və pərişan halda idi. Nə iş vaqe olduğunu abxazlı dəfətən anladı, ürəyi sıxıldı, başı ağırlaşıb bilaixtiyar yerə yıxıldı. Arvadın həzin səs ilə ağlamağı, qəm və qüssəsi bir dəqiqə onun ixtiyarını aldısa da, yenə abxazlı özünü toxdadıb, arvadının əlindən tutub dedi: "Mənim əzizim, ağlama, o bir yuxu idi, onu yadından çıxart. Sən günahdan paksan. Yenə bizim pakizə və müqəddəs məhəbbətimiz ulduz kimi saf və baqi qalacaqdır". Bu sözlərdən sonra onun üzündən öpüb, ürəyini sakit elədi. Sonradan namusuna toxunan Səfəri mülatifətlə yuxudan oyadır. Səfər süd qardaşını adəti halında görüb xof və əndişədən çıxır və belə güman eləyir ki, arvad vaqiəni ərindən məxfi saxlayıbdır. Abxazlı qardaşına güləş üzlə deyir: "Xahişini əmələ gətirdim. İstədiyin kəhər at səni gözləyir, tez ol yola rəvan ol, daha da artıq səni yanımda saxlardım, amma bilirəm ki, əziz yarının vüsalına tələsirsən". Sonradan qonağa əl-üzünü yumağa su, yeməyə xörək verib … onunla bahəm dağın ətəyinə enir. Burada qonağa vida etdikdə ütab ilə ona deyir: "Səfər bəy! Sənin bəd əməlin və alçaqlığın mənə məlumdur. Sən mənim irzimə və namusuma toxundun. Bu fənalığı söyləməyə dilim qadir deyil. Bu fəna yaddan çıxmaz və əfv olunmaz. Öz yolunla get, bir də mənim gözümə sataşma, bu ləkəni ancaq qan ilə yumaq olar". Bu sözləri eşitdikdə Səfər bəy titrədi və rəngi ağardı, ahəstə qardaşına dedi: "Doğru deyirsən, müqəssirəm, deməyə bir sözüm yoxdur. Şeytan məni günah əmələ saldı, mən sənin kəmtərin qulunam, rəhm elə, başımı cəsədimdən ayır". "--Yox, sənə mənim əlim dəyməz, sən mənim anamın döşünü əmmisən, çəkil kənara, babalarımızın müqəddəs adətini pozmaqda mütəssir sən deyilsən. Vətəninə müraciət etdikdə öz müəllim və mürəbbilərinin hüzuruna gedib, mərdanəliyini ona söyləməyi səndən iltica edirəm. Hər qisim tənbeh o sənə qərar etsə, ona tabe ol!". Səfər bəy pərişanhal və qəmgin vətəninə varid oldu və öz mürəbbisi alim və möhtərəm Hacı Yusifin hüzuruna gəlib, tamam əhvalatı ona söylədi. Bu söylədikcə Hacı Yusifin üzü bulud kimi qaralıb tutqun olurdu. Axırda güclə nəfəs alıb soruşdu: "Bəs sonra nə oldu, səninlə necə rəftar elədi, sənə nə dedi?". Səfər bəy cavab verdi ki: "O məni əfv elədi süd qardaşlığı cəhətinə, amma məndən söz aldı ki, sənin hüzuruna gəlib təqsirimi ərz eləyim və hər əmr səndən sadir olsa, ona əməl edəm". "Aha! Düşünürəm, belə bir böyük günahın cəzası qandır, bunu ancaq qan ilə təmizləmək olar, başqa bir çarə yoxdur!" Belə deyib tapancanın çaxmağını qalxızdı. Səfər bəy döşünü qabağa tutub qəzasına razı oldu. Hacı Yusif onu rədd edib dedi: "Yox, ölümə layiq sən deyilsən. Sənin mürəbbindir ki, sənə tərbiyə verməkdə böyük qüsur göstəribdir". Bu halda tapanca açılır və Hacı Yusifin ruhsuz qəlbi yerə sərilir və alnından nazik qan çeşməsi açılır…. Müəllim və mürəbbilərə nə gözəl ibrətdir! Bu misallı təlim və tərbiyəyə və yeniyetmə cavan nəslin təhzibi-əxlaqına dair Sereteli cənablarının daha çox bərgüzidə əsərləri vardır ki, təmamisini qəzetə sütunlarında zikr etməyə yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki "Müsəlman qardaşlarıma" sərlövhəsində yazdığı bir şerində müsəlmanların qəflətdən ayılmağını müşahidə edib, onları təbrik, ülum və fənnin təhsilinə təşviq, ittihad və ittifaqa tərğib edib deyir: "Çox çəkməz ki, sizi zəif, bacarıqsız və elmsiz bilənlərdən siz qüvvətli, bacarıqlı və elmli olarsınız…." Heyfa ki, Akakinin bu təbriknaməsini ələ gətirə bilmədik ki, tərcüməsini eyni ilə burada yaza idik. Sereteli cənablarını cümlə müsəlman ədibləri və şairləri tərəfindən təbrik edib, Gürcüstanın fəxri üçün daha da çox yaşamaqlarını səmimi qəlbdən arzu və təmənna edirik. * * * Həyata dəvət "Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsək axırımız fənadır! Kişi gərək axirəti üçün çalışsın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarmasın, gözünü axirət guşəsinə tiksin. Ey əzizan! Bir baxın dünyayə--ibrətxanədir, Axırın fikr etməyən aqil deyil, divanədir…. Möhtərəm üləma, vaizlərimizin məscidlərdə və məclislərdə camaata xitabən söylədikləri sözlər və nitqlər əksər övqat bu qisim vəz və nəsihətlərdən ibarət olduğu cümləyə məlumdur. Bu məzmunlu vəzlər ilə ruhani atalarımız, "salikani-rahi-həqiqət" camaatın etiqadına pərxaştlik və süstlük gətirib, dünya zindəganlığından onu soyudurlar, ümuri-məişətdə lazım olan səy və təlaşdan bir növ kənar edirlər. Bu qisim vəz və nəsihətlərin bərəkətindən müsəlman qardaşların var qüvvətləri zəifləşir, fikirdən hünərləri yatır, cürət və hünərləri bir işdə büruz etməyir, qəzalarına razı olub, hər bir cəfa və məşəqqəti qəbul edirlər, hər növ zəhmət və əziyyətə qatlanıb məişətin pozğun və cəfalı övzasına tab gətirirlər və hər işdə "migüzərəd" deyib rahət olurlar. Dünya beş günlükdür, onsuz da axırı ölümdür. Beş günlük ömürdən ötrü çalışmaq yararmı və çalışmaqdan nə hasil? Sultani-cahan isə gedər, canə inanma, Çün baqi deyil, mülki-Süleymanə inanma. Bəs hər kəs öz cəzasını o dünyada alacaqdır, lazımdır ölümə hazırlaşmaq, həyata vəfa yoxdur, baqi deyil. Dünyagir və tamahkar vaizlər üçün camaatın belə qəflət və cəhalətdə yaşamağı, əlbəttə, çox xeyirdir. Hər nə ki, az-çox onlar qazanıb təhsil etsələr, gətirib öz ağalarına təslim edəcəklər, özləri isə aza qənaət edib, ancaq beş günlük ömr üçün əldə bir azacıq sərmayə saxlayacaqlar. Çünki ruhani ataları onlara vazeh dəlillər ilə sübut ediblər ki, dünya malı cəhənnəm odudur, nə lazım onu cəm etmək. Nə gərəkdir sənə bu dövlətümal, Yükünü yüngül eylə, ey həmmal! Üləmayi-kiram həməvaxt biçarə hammalların zəhmətinin səmərəsini hiylə və təzvir ilə əllərindən alıb yüklərini yüngül etməyə çalışmışlar. O səbəbdəndir ki, müsəlman aləminə nəzər yetirdikdə, onun fəna halı ilə avropalıların dolanacağını tutuşdururkən əqli-insan heyrətdə qalır. Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahət güzəran avropalılarda; fəqr, zəlalət, yoxsullüq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalət aləmi-islamda. Bunlar gözün tikiblər axirətə, beş günlük ömrü bir tövr keçirib, darü bəqaya vasil olmağa, onlar çalışırlar dünya zindəganlıqlarını rahat etməyə və mürəffəhal ilə dolanmağa, özləri üçün dövlət və hörmət qazanmağa. Bunlar fəlakət və qəflətdə, onlar ciddiyyət və səadətdə; bunlar ölü, onlar diri! Avropalıların bu fəaliyyət, ciddiyyət və səadəti onların müsəlmanlardan artıq dərəcədə qabil və müstəid olmaqlarından deyil, məhz ondan naşıdır ki, onlar həyatın qədrini bilib, ondan müstəfid olurlar. Müsəlmanlar isə həyata meyil etməyib, məmatın fikrindədirlər. Rus ədiblərindən məşhur Q. Petrov qraf Tolstoyun bir para fəlsəfəyə məxsus əsərlərini məqami-tənqidə qoyub, məzkur əsərlər rusların tənəzzül, kəsalət və bətalətinə səbəb olmasını sübuta yetirir. Tolstoyun "məzərrət və şərarətə müqavimət etməməlidir" rəy və qövlünü Petrov batil və müzürr əqidələrdən hesab edib, rusları həyata dəvət edir və nəsihət üzü ilə onlara deyir: "Diriliyinizi qənimət bilib, zindəganlıq ediniz, zindəganlığın şərtlərini öyrənib, rahat yaşayınız, vaxtınızı qəflətdə keçirməyiniz, yatmayınız, donub bir nöqtə üzrə qalmayınız, yaşayınız və başqalarının həyatına səbəb olunuz. Ülum və fünuna, sənaye və ticarətə, fəlsəfəyə, alış-verişə, ziraətə, məktəb və mədrəsələrə hərəkət veriniz, həyat bəxş ediniz, məişət üçün təzə üsul və qaydalar tərtib ediniz, siyasi və iqtisadi işlərinizə təğyir və təbdil verib, başqaları ilə rəftar və əlaqənizi düzəldiniz, hürriyyət və ülviyyət kəsb ediniz". Bundan sonra cənab Petrov yazır: "Hürriyyət, müsavat və üxüvvət məsələsində gərək bir qüsur olmasın. Cümləyə qardaş gözü ilə baxılsın, başqalarının hüquq və ixtiyarlarına, məmuriyyət və asayişə riayət edilsin, bir nəfsə və bir tayfaya bir zərər dəyməsin. Heç bir millət və tayfanın şan və şərəfinə xələl yetişməsin, haqlarında cövr və sitəm rəva görülməsin. Hər bir millət, qövm və tayfa gərək xəta və bəladan məsun qalıb, asudə yaşasın, öz ədəbiyyat və lisanlarını, ayin və adətlərini mühafizə edib, bacardıqları xidməti bəşəriyyət aləminə yetirsin". Petrovun əqidəsincə, əcnəbi millətlərin haqqında icra olunan təzyiqat, zülm və cəfa, həqiqəti-əmrdə qətlə bərabərdir, həqq-təala yaratdığı işığı söndürmək mənziləsindəndir, günahsızların qətlinə fərman vermək, acizləri boğazlarından asmaq məqamındadır. Bundan sonra Petrov cənabları yazır: "Həyatı unutmayınız, ona rəhminiz gəlsin, həm vücudunuzda, həm başqalarda onu mühafizə ediniz, seviniz və əziz tutunuz, əski və qədim nişangahların uçub dağılmasına razı olmayıb, yazığınız gəlirkən qüvvətli bir millətin hücum və zülmü altında başqa bir zəif millətin hüquq və hürriyyətinin əlindən alınmasına, dilinin və dininin məhv və nabud olmas?na r?hminiz g?lm?zmi?….". Petrovun bu sözləri qızıl suyu ilə yazılmalıdır! Əlhəqq, həyatı sevmək və onun qədrini bilmək lazımdır. Bizlər isə bu mətləbdən qafil və uzaq düşmüşük, həyatın qədrini bilməyirik və hər kəs ki, bizlərdən bir azacıq onun qədr və qiymətini dərk edib, övzai-məişətini islah etməyə çalışır, dərhal cənab vaiz ilə ağa dərviş onun qapısını kəsib uca səslə yadavərlik edər ki, ey qafil, dünya ibrətxanədir, dünyaya uyma, axirəti əldən qoyma, karvani-dəhr yola düşübdür. Hər kəs yükünü tez yükləsə mərdanədir. Bu dünyayi-dunə rəğbət etmə. Axirət üçün tədarük gör, guşeyi-qəbirdən gözünü çəkmə, naz ilə başını balişi-nazə qoyma, çünki min-min nəzakət əhli xak ilə yeksan olublar. Başını naz ilə qoyma nazbalış üstə, bax, Gör nəzakət əhli min-min xak ilə yeksanədir! Huşiyar ol, qıl tədarük, bax gedənlər səmtinə-- Guşeyi-qəbrə--qaranlıq, dar, nəmiş, viranədir. Vaizin və ağa dərvişin belə sərsəri-xəzanə bənzər nəfəsi-sərdi müsəlman qardaşları cünbüş və hərəkətdən salıb, bütün cəsədlərinə bir süstlük və pərişanlıq ariz edir, belə ki, onların hər bir şeydən şövq və həvəsi kəsilib, məmatdan səva fikir və xəyallarına başqa bir şey gəlmir. Bir kəsin cürət və hünəri olmur ki, vaizi-alicənabdan sual etsin, əcəba, bu qaranlıq, dar və nəmiş məqama yazığı nə üçün dəvət edirsən, burada ki, həyatdan bir əsər yoxdur. Bu viranə mənzil ancaq ölülər üçündür. Mən ki, hələ ölməmişəm, diriyəm. Mənim zindəganlarıma, eyşü işrətimə nə üçün zəhər qatırsan, halımı pərişan və fikrimi didərgun edirsən? Ey bizim ruhumuzun mürəttibləri və başımızın sahibləri ruhani atalarımız! Bizə rəhminiz gəlsin, insaf və mürüvvət ediniz, ətrafımızdakı miləlü əqvamın cümləsi tərəqqi yoluna düşüb, aramsız ciddü cəhd etməkdədirlər, əsbabi-məişətlərini təhiyyə qılmaqdadır. Cümlənin əqli, fikri, zehni işləyir, övzai-məişətləri yaxşılığa və asanlığa çevrilir. Cümlə millətlərin əfradı arı səbətlərə bal daşıyar kimi müttəsil işləməkdədirlər, amma biz yatıb qalmışıq, nə əqlimiz işləyir, nə fikrimiz və nə zehnimiz. Gözümüzü ancaq axirət guşəsin? tikib qalm?s?q. H?rd?n bir cunbus v? h?r?k?t buruz etdikd? aga d?rvisin s?si gusumuza yetisir: "Axirin fikr etm?y?n aqil deyil, divan?dir….". Q. Petrov rusları həyata dəvət edən kimi biz də müsəlman qardaşlara xitabən ərz edirik: "Ey qardaşlar, həyatın qədrini biliniz, həyat allah-taalanın ətiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. Haqq-taala "Leysə lil insanə illa masəa" [1] əmr buyurmamışlarmıdır? [1] Tərcüməsi: İnsan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdir. * * * Həqiqi gözəllik və hərəkətsiz nisfimiz 1 "Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində qurşaqdan yuxarı iki adam surəti çəkilmişdir. Bunlardan birisi məhz ağzı ilə, o birisi başı ilə iş görən adamların şəkilləridir ki, onlara diqqət yetirməmək olmaz. Bu şəkillərin altında yazılıbdır: "Bədənin hansı üzvü işləsə böyüyər və qüvvət tapar". Bu sözlərin doğruluğu şəkillərdən görünür. Hər iki şəkil çirkin, yöndəmsiz, bədtərkib və hətta nifrət gətirici şəkillərdir. Əgərçi bu surətləri çəkməkdən "Molla Nəsrəddin"in muradı başı ilə işləyəni ağzı ilə zəhmət çəkənə tərcih verməkdir, vəli bizim nəzərimizdə hər ikisi çirkindir. Ağzı ilə işləyənin ağzı və çənələri, başı ilə işləyənin başı bədənin sair üzvlərinə nisbətən həddən ziyadə böyük və zorba çıxıbdır. Əvvəlki xırdaca başlı və yekəqarın bir qisim balıq var, ona oxşayır, ikincisi Hindistan aclarına bənzəyir. Bu cür adamların vücudu hər məkanda və zamanda olubdur və vardır. Bizim içimizdə başı ilə iş görənlərin ədədi az isə də, ağzı və dişləri ilə şöhrət kəsb edənlərin həddi, hesabı yoxdur. Hər halda bədənin bir üzvünün böyüyüb əndazədən çıxması və sairlərinii kiçilib balaca və zəif olması bədəni yaraşıqdan salır, onu çirkin, görkəmsiz və nahəmvar eləyir. Bədənin gözəl, göyçək və xoşayənd olması münhəsirdir onun üzvlərinin mötədil, mütənəssiq və yek-digərinə uyğun və müvafiq olmağına. Nəinki bir bəşər qisminin, hətta sair heyvanat və nəbatatın, bəlkə hər qisim məxluqatın gözəlliyi və qəşəngliyi onların vücudunu tərkib edən əza və hissələrin biri-birinə müvafiq, yaraşıqlı və mütənasib olmalarından ibarətdir. Həddən ziyadə yekəağız, yekəbaş, yekəqarın adama xoş gəlməyən kimi, həddən ziyada balaca baş, xırdaça gözlər, nazik və zəif əllər və ayaqlar da adamın nifrətinə səbəb olur. Heyvanat qismində dəxi bu eyblər müşahidə olunduqda insan onlardan nifrət edir, düyünlü, əyri və bədtərkib ağacları da adəm övladı xoşlamayıb, hər şeyin gözəlinə, xoştərkib, xoşəndam və xoş şəklinə meyl və rəğbət göstərir…. Mədhi-dilbər yazmaqda misli və bərabəri olmayan Molla Pənah Vaqif gözəlliyin bir nişanəsi olan zülfə hər bir şeyini bağışlayır: Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Və lakin insanın gözəlliyi, zahiri məlahət və hüsnü lətafətdən ibarət olmayıb, onda ağıl və fərasətin mövcud olmağı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Ağılsız və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. Bir surət zahirdə nə qədər düzgün, eybsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlli etməsə, kamal və mərifət asarı görsənməsə, o surət dilpəsənd, könülalıcı və fərəhgətirici ola bilməz. Habelə ağlın mənbəyi, fikir və fərasətin məzhəri hesab olunan gözlər zahirdə nə qədər göyçək və eybsiz olsa da, insanın qəlbini tərpədib diqqətini cəlb edə bilməz, vaxta ki, onlarda ağıl və şüur əlaməti görünməyə. Maral, əlik, ceyran qismi çox heyvanlar var ki, onların gözlərinin tərifi şairlər kəlamına düşübdür. Vəli həqiqət halda ahu qisim heyvanların gözləri nə qədər zahirdə göyçək olsa da, insana çəndan təsir edə bilmir, əzbəs ki, onlarda şuxluq yoxdur, ağıl, fitrət və cibilli asarı görünməyir və Vaqifin yazdığı əlamətlər--"fitnələr", "fellər" onlarda müşahidə olunmayır. Necə ki, şair deyibdir: Qaynar gözlərindən, şux baxışından Əcayib fitnələr, fellər görünür. Bəs məlum olur ki, şairin sevdiyi qaynar gözlər o gözlərdir ki, ağıl və fəhmin əlaməti onda zahir olur və onların şux baxışından fitnələr və fellər görünür. Şairin sevdiyi şux baxışlı gözlərdir, ahunun zahirdə göyçək, amma həqiqətdə qəlbi-insanı hərəkətə gətirməkdə aciz olan qara gözləri deyil. Hükəma nöqteyi-nəzərincə hər bir camaat, hər bir qövm və millət təklikdə böyük bir cisim mənziləsindədir və bu cismi-əzimi təşkil və təsis edən əfradi-bəşər onun üzvləri məqamındadırlar. Belə olan surətdə hər bir camaatın, hər bir tayfa və millətin şan və şərafəti, qüvvət və miknəti, dövlət və sərvəti filcümlə maddi və mənəvi salamatlığı, gözəlliyi və vəqü heysiyyəti münhəsirdir onları tərtib və təşkil edən üzv və ünsürlərin yek-digərinə mütənasiq və mütənasib olmasına və bunların sülh və ittifaq ilə səy və təlaş edib. Hər birinə müxtəss olan əmalı icra etməsinə. Necə ki, baş işləyib bədənin sair üzvləri hərəkətdən düşəndə və ya sair üzvlər işdə olub, baş işsiz və fikirsiz qalanda şəxsin bədəni çirkin olub işi düzgün getməz, habelə də bir millətin ünsürlərindən bir hissəsi müttəsil işdə və təlaşda olub qeyri bir hissəsi fəaliyyətdən düşsə, işsiz və hərəkətsiz qalsa, o millət nəinki zahirən çirkin, bədtərkib görünəcəkdir, bəlkə müruri-əyyam ilə mənən dəxi zəif, aciz və qüvvətsiz olub taqətdən və hörmətdən düşəcəkdir, şan və şərafətini bilmərrə itirəcəkdir. Rübi-məskunun müxtəlif mərkəzlərində sükunət edən müsəlman millətlərinin mədəniyyət və fəzilət cəhətincə dalda qalmaqlarına, tərəqqi və təalada icz göstərməklərinə bais olan ümdə səbəblərdən birisi də onların hər birisinin təklikdə yarı hissəsi işdə və zəhmətdə olub, o biri hissəsi, tamam yarısı işsiz və şüğlsüz, dünyadan bilkülliyyə bixəbər halda yaşayıb qalmağıdır. Bu bədbəxt hissə aləmi-islamda ünas əhlindən ibarətdir. Təlim və tərbiyədən məyus, hörmət və ixtiyardan məhrum qalmış müsəlman övrətləri qədim əsrlərdən bəridir ki, ciddi fel və hərəkətdən düşmüş, izzət və şərafətini itirmiş, hərəkətsiz və ölmüş bir üzv məqamındadır…. 2 Neçə vaxt bundan müqəddəm "Hərəkətsiz hissəmiz" sərlövhəsi ilə "Tərəqqi"də yazdığımız bir məqalədə məzkur hissənin aləmi-islamda ünas əhlindən ibarət olduğunu şərh və bəyan etmişdik. Məqalənin axırında bu mətləbə daha da bəst verməyi vədə etmişdiksə də, vaxtında vədəyə əməl edə bilmədik. Möhtərəm oxucularımız əfv buyursunlar. Necə ki, falic azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və tərbiyəsiz biçarə arvadlardan, nisfi-digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmağına mane olur. Həm əqlən və həm şərən arvadlar kişilərin bir şaqqası və dilimi olmağı mühəqqəqdir. Buna "innəmən nisau şəqaiqür ricali" hədisi-şərifi şahiddir. Bu hədisdən anlaşılan budur ki, arvad kişinin misli və nəziri və yaxud nisfi-digəridir. Belə ki, kişi təklikdə naqis və yarımçıq bir vücuddur. Onun həddi-kamala yetişməyi bağlıdır nisfi-digəri məqamında olan arvadın vücuduna. Bunların hər ikisindən övlad törəyir və nəsil əmələ gəlir. "Bəqayi-insan, nizami-bəşər və nəzmi-dövran"--bu iki şaqqaların birləşib bir cildi-vahidə girməyinə bağlıdır. Burası dürüst təhqiq və təfhim olunandan sonra arvadların viqayeyi-hüquqları əmrində ehtimami-küllü göstərməlidir. Xüsusən, bizim əsrimizdə ki, hətta Avropa arvadları arasında dəxi böyük cünbüş və hərəkət var. Hər yerdə cəmiyyətlər təşkil edib, azadə arvadlar öz azadlıqlarına qane olmayıb, daha da artıq hüquq və ixtiyar kəsb etməyə çalışırlar. "Molla Nəsrəddin"in 29-cu nömrəsində "Bihəyalar" ünvanında yazılmış nazik işarəyə diqqət yetirilməlidir. Rus şairlərindən məşhur Nekrasov bir kəlamında rus arvadlarının ixtiyarsız və fəna bir halda yaşamalarından bəhs edib, onların üç qisim bəd iqbalda və nəhs taledə yaranmaqlarını zikr qılır. Əvvəlinci bəd tale onların anadan kəniz və ixtiyarsız doğulmağıdır. İkinci bəd tale qul kişiyə arvad olmağıdır. Üçüncü bəd tale və qarabəxtlik qul anası olmağıdır və qul övlada pərəstarlıq etməyidir. Burada Nekrasov rus arvadlarının fəna halını, icz və inkisar üzrə zindəganlıq etməklərini göstərmək ilə belə tamam rus millətinin ixtiyarsız qul olmalarını dəxi gizləməyibdir. Bəlkə kişilərin daha da artıcaq yaman halda dolanmaqlarını bəyan edibdir. Filhəqiqə "Qul kişiyə arvad olmaq, qul adama analıq etmək" ağır və məşəqqətli peşə isə də, hər iki surətdə həqiqəti-əmrdə qul olan kişi olur, arvad olmur. Amma müsəlmanlıqda müsəlmanlar arasında hər üç surətdə qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. Anadan kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və yoldaşına "ər" və "yoldaş" deməyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb, kəniz olur. Qədim zamandan bəridir ki, Azərbaycan türklərinin arasında arvadların halına məxsus onların öz dillərindən belə sözlər deyilir: Qız idim, sultan idim, Nişanlandım xan oldum. Gəlin oldum, qul oldum, Ayaqlara çul oldum! Bu sözlərdən məlum olur ki, müsəlman arvadı ömründə beş-on il xoşbəxtlik və ağ gün görürsə, o da qızlıq əyyamındadır. Ona nişan taxılanda bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki, gəlin olur, qul olur və get-gedə hörmət və izzətini bilmərrə itirib, ayaq altına düşən çul və palas mərtəbəsinə tənəzzül edir. Başqa bir misalda arvadın dilindən bu sözləri eşidirik: Qız idim, geydirdilər ibrü vəfa köynəyini, Nişanlandım, geydirdilər zövqü səfa köynəyini, Gəlin oldum, geydirdilər cəbrü cəfa göynəyini. Bu sözlər dəxi ona şəhadət verir ki, müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır. Bu ağ gün də müsəlman qızlarının çox tez ərə verilməyi nəzərə alınsa, on dörd-on beş ildən ziyadə çəkmir. Ondan sonra biçarə arvad analıq halına yetişib, ölənə kimi əynindən "cəbrü cəfa" köynəyini çıxartmır və sahibinin sərtvücud rəftarından vaxtsız qocalır, qönçə ikən açılmamış solur, tələf olur…. Əgər mətləbin künhünə diqqət yetirib dürüst fikir etsək, onda görərik ki, arvadların təlim və tərbiyəsiz qalmaqlarının, çox işlərdə ixtiyarsız olmaqlarının, övzai-zəmanədən və dünya işlərindən bilkülliyə bixəbər qalmaqlarının zərəri özlərindən artıq kişilərə yetişir, ağılsız, elm və mərifətsiz arvadın yaraşıqsız işi və uyğunsuz hərəkət və söhbəti hamıdan artıq öz kişisinə təsir edir. Kişi təcrübə, elm və bilik cəhətincə hər zaman və məkanda arvaddan artıq olubdur və özünün şaqqası məqamında olan arvadın ağılsız, fəhmsiz və sadədil olduğunu müşahidə etdikcə ürəkdən ağrıyıb içəridən yanır. O səbəbdəndir ki, bir kişi elm və mərifət sarıdan nə qədər artıq tərəqqi etmiş olsa, bir o qədər o özü üçün münasib yar və yoldaş aramaqda ehtiyatlı olur və evlənmək üçün ən çətin məsələlərdən birisi hesab olunur. Bu çətin məsələ cümlədən artıq müsəlman əhli-mərifətinin (intelligensiyasının) qabağını kəsibdir. Əksər ittifaqlarda onlar öz millətləri və həmməzhəbləri arasında müvafiq həmsər və yoldaş tapa bilməyirlər…. Bu halda intelligentni şəxsin təmənnası artıbdır. O təmənnaları keçmiş zəmanənin ayin və adatı ilə tərbiyə almış qızlar yerinə yetirməkdə acizdirlər. İndiki adamlar məhəbbət adlanan ali hissə başqa məna verirlər. O səbəbdəndir ki, mədəniyyətli millətlər arasında təəhhül və təzvic məsələsinə artıq diqqət yetirirlər və artıq ehtiyatlı olurlar. Burada bir boşqab şirni və bir kəllə qənd və üç manat pul ilə tez əldən iş bitib əqdi-nikah cari olmur. Doğrudan da, ər ilə arvadın arasında mərifəs cəhətincə nə qədər təfavüt çox və mənəvi qərabət az olsa, bir o qədər bunların bir yerdə olmağı kişi üçün ağır və çətin olur. Bu surətdə elmsiz və mərifətsiz arvad kişisinin ruhani tərəqqisinə və mənəvi şüğllərinə mane olur. Biçarənin qol və qanadını bağlayıb, ağıl və ruhunun tərəqqi və təcəllisini gah qisim-qisim iddialar ilə pozur və gah həmişə əllərində olan göz yaşı ilə qərq edir. Ürəyi elm və bilik şövqü ilə dolmuş və qəlbində mərifət çırağı yanmış hər bir kişi, xüsusən cavanlıq mövsümündə, mərhum Abdullabəy Asinin kəlamı misdaqincə "Günəş həmxanəliyini məva etmək arzusunda olub", tərlan kimi uca məqamlara uçub qalxmaq istəyir və lakin bu halda dişi qaz misilli bir arvada rast gəlib, qüvvəyi-şəhviyyəsinə məğlub olub, onunla həmsər olur və tezlikcə özü də tərlan ikən çevrilib qaz olur, çamurlu və üfunətli gölmələr içində özünə və balalarına üfunətli tömə axtarmaqla ömrünü zay edir. Belə ki, "Mürği-Qaf ilə həmzəban olub, dövrə qalxmağa balü pər bağlamış" arvadlar hənuz müsəlmanlar arasında hasilə gəlməyibdir. 3 Bilmək gərəkdir ki, ünas əhlinin elm və mərifətsizlikləri ucundan bu qədər dalda qalmaqları, bu qədər biixtiyar, avam və sadədil olmaqları məhz bir özlərinə və kişilərinə zərər yetirmir. Bəlkə bunlardan da artıq onun ziyanı və sədəməsi övlada və körpə balalara toxunur. Təəccüb etməli haldır, analıq və ana olmaqlıq ziyadə çətin və bununla belə müqəddəs bir peşə sayıldığı halda, o çətin peşəni və müqəddəs vəzifəni layiqincə icra etməyə analar hazırlaşdırmaq fikrinə düşmürlər. Bu məsələdə hamıdan artıq qəflətdə olan müsəlmanlardır. Dünənki uşağı, gəlin oynadan və ağzından hənuz süd iyi gələn körpə bir qız balasını bu gün arvad edib, gəlin oynatmaq əvəzində balaya süd və tərbiyə verməyə vadar və məcbur qılırlar. Nə böyük zülm və ədalətsizlik! Və nə böyük cəhalət və divanəlik! Filhəqiqə, belə körpə, əti və sümüyü bərkiməmiş anadan vücuda gələn balalar cismən və əqlən nə qədər zəif, nəhif və mayasız gərək olsunlar. Övladın tərbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb təbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə, ixtiyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və tərbiyənin yolunu kamalınca anlayalar. Bu surətdə demək olar ki, ər və arvad bir cismin, bir bədənin iki müvafiq hissələri və təbii parçalarıdır. Ancaq belə əqlən, əxlaqən və cismən yek-digərinə müvafiq və müsavi olan ər və arvadın əqdləri mübarək və müqəddəsdir və bunlardan törəyən övlad hüsn-tərbiyə almağa müvəffəq ola bilər. Zira ki, ağıl və kamalı dürüst və canı salamat valideyn çalışacaqlar ki, övladları hər bir cəhətdən onların özündən əfzəl və ikmal olsun. Xeyli zamandır ki, Avropada və sair yerlərdə mədəniyyətli qövm və tayfalar arasında ünas tayfası öz hüquq və ixtiyarlarını axtarmaqdadır. Bəzi məmləkətlərdə bunlar bir növ məramlarına nail və mətləblərinə vasil olmuş kimidirlər. Bunları təbrik etmək olar. Bu axır vaxtlarda islam aləminin bəzi niqat və guşələrində müsəlman arvadlarının içində bir növ cünbüş və hərəkət müşahidə olunur. Onlar tərəfdən gahda bir nazikanə tələbi-hürriyyət, hüquq və ixtiyarat sədası gəlir. Müsəlman xanımları da guya özlərinin fəna halda yaşamaqlarını düşünüb, qeydi-əsarətdən və bəndi-zillətdən azad olmaqlarına çarə və tədbir aramaq fikrinə düşürlər. Yavaş-yavaş özlərini tanımaq, təkliflərini anlamaq, qədr və qiymətlərini bilmək istəyirlər. Doğrudan da, ana olmaq, körpə balaya döşdən süd verib onu bələməkdən və ona dayəlik etməkdən ibarət deyil. Analığın, necə ki, yuxarıda zikr olundu, başqa şərt-şrutları vardır ki, onları kamalınca dərk edib yerinə yetirməyə elm və mərifət və anlaq lazımdır. Və həmçinin arvad olmaq yalnız bir bədən və cisim ilə kişiyə qulluq edib, cismani xahişlərini əmələ gətirmək deyil. Həqiqi arvad olmağın dəxi çox mühüm şərtləri vardır ki, onları bilməməkdən bizim yazıq arvadlarımız kişilərinin nəzərində belə xar, zəlil olublar. Elmsiz və cahilə ananın öz övladına nüfuzu o vaxta kimi ola bilər ki, onlar nabaliğ tifl halındadırlar. Necə ki, onların ağıl və fəhmi yaxşı-yamana fərq verməkdə acizdir. Amma zamaniki övlad böyüyüb təlim və tərbiyə alır və elm nuru ilə ağıl və zəkavətini işıqlandırır, onda anasının dünyadan bixəbər və sırf cahilə olduğunu bilib, bir yandan onun sadəliyinə təəccüb edir və bir yandan ona yazığı gəlir. Belə olan surətdə mənəviyyat sarıdan onların yaxınlaşmağı mümkün olmur. Ananın sözünü övlad, övladın dediyini ana başa düşməyib, xilqətən bu qədər yavuq ikən biri-birinə yad olurlar. Bu halda biçarə ana övladından şikayətçi olub, onların əmək itirməklərindən, haqq-naşünas olmaqlarından başlayır qonum-qonşuya giley etməyə. Bu hal həqiqətdə hər iki tərəf üçün ağır və ürək yandırıcı bir haldır. Bu halı rus ədiblərindən məşhur Turgenev "Atalar və oğullar" sərlövhəsi ilə yazdığı bir romanında artıq məharətlə kəşf və bəyan edibdir. Heyfa ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildirlər. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüti-əql, fəhm və idrak daha da artıq dərəcədədir. Bu təfavütdən nəşət edən fənalıq və nifaq məişətimizi pozğun edib, dolanacağımızı nizam və qaydadan salır və bu yolda o qədər faciələr və ürək yandırıcı müsibətlər vüquə gəlir ki, onları dil ilə söyləmək və qələm ilə yazıb başa yetirmək olmaz. Ər və övrət şərən və əqlən bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi qərabət gərəkdir heç bir kəsin mabeynində mülahizə olunmasın və lakin, mətəəssüf, müsəlmanlar arasında hər bir ailənin xoşbəxtliyinə səbəb olan bu iki hissə, yəni ər və arvad əksəriyyətən bir-birinə müvafiq gəlmir. Hissənin biri, yəni ər, yəni ağıl və kamal və bilmək cəhətindən öz mənəvi parçasından, yəni arvadından əla dərəcədə durduğuna görə onunla ülfət və saziş edə bilmir. Bu mənanı "Molla Nəsrəddin"in 30-cu nömrəsində cənab Lağlağı "həlal" ünvanında yazdığı məqalədə zarafatyana daha da açıq söyləyibdir. Amma o şey ki, Lağlağı məzəliliyə salıb açıq söyləyir, onu biz bir az pərdəli danışmağa məcburuq. Necə ki, qədim Yunanıstanda hükəma və filosoflar öz ailələrindən xəlvət qaçıb, getera adlanan azad və bir növ əxlaqsız arvadlar məclisində ruhlarını şad və vaxtlarını xoş keçirirdilər, habelə bu halda bizim müsəlmanlar içində, xüsusən elm və kamal təhsil edənlər arasında, çoxları elm və tərbiyəsiz müsəlman arvadlarına meyl və rəğbət göstərməyib, özləri üçün naməşru yol ilə ruslardan, nemsələrdən və yəhudilərdən yoldaş və həmsər axtarırlar. Bizim anladığımıza görə, özgə sayaq da ola bilməz. Çünki kişini arvad özünə məhz bir cismi və zahir camalı ilə bənd edə bilməz. Bunun üçün ağıl və kamal da lazımdır. Zahiri gözəllik kişini ancaq əvvəl dəfələrdə özünə mayil və rağib edir. Necə ki, kişi bir gözələ malik və sahib olmayıbdır, onun tələbindədir və bu halda gözəllik nüfuzu artıq və hökmürəvandır. Amma elə ki, kişi ona qalib gəldi və ona sahibləndi, onda zahiri gözəllik mənadan düşür və bir az vaxtdan sonra əzəlki qədrü qiymətini sahibinin nəzərində itirir. Bundan sonar kişini özünə bənd edən ağıl və kamal və sirətin gözəlliyidir. Və həqiqəti-əmrdə insanı özünə bağlayan və həmişəlik aşiq edən camali-zahiri deyil, camali-mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sirətdədir. Bunu dürüst biləndən sonra arvadlarımızın ağlının, əxlaqının və filcümlə mənəvi kamalatının tərbiyəsinə məşğul olmağı əvvəlinci vəzifələrimizdən gərəkdir hesab edək. Tərəqqi və təalamızın hüsulu arvadlarımıza təlim və tərbiyə verməyə və onları qaranlıq və cəhalət aləmindən elm və mərifət dünyasına çıxartmağa münhəsirdir. Bu halda hərəkətsiz və taqətsiz hissəmizi hərəkətə gətirib, bütün bədənə dirilik və salamatlıq vermiş kimi oluruq və mənəvi tərəqqimizə bir rast və gen-şahrah açırıq. * * * Həsənbəy Məlikov Bu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi. Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı. Həsənbəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. Biz hələ keçən ilin dekabrında "Zaqafqazye"də Həsənbəyin "Əkinçi" qəzeti haqqında rəy vermişik. "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi. Qəzet bu məqsədi izləyərək, öz səhifələrində kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində xeyli müxtəlif məlumat verir, torpağı gübrələməyin ən yeni qaydalarını göstərir, bu və ya digər təkmilləşdirilmiş kənd təsərrüfat alətlərinin tətbiqi haqqında yazırdı. Bundan əlavə, qəzet öz oxucularına təbabətə, hifz-səhhəyə, fiziologiyaya və sairəyə dair bir çox faydalı məsləhətlər verirdi. "Əkinçi" qəzetində "Müsəlmanların geri qalmasının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və bu kimi vacib məsələlərə toxunan çox ciddi məqalələr də dərc olunurdu. Bu və başqa məsələlərə dair "Əkinçi" qəzetinin əsas əməkdaşları — Əhsənül Qəvaid, Heydəri, sabiq şeyxülislam Hüseynzadə, Əsgərağa Gorani, Nəcəfbəy Vəzirov tərəfindən yazılmış faydalı məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Lakin, təəssüf ki, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların cahil kütlələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışları təsəlliverici bir nəticəyə gətirib çıxarmadı və müsəlmanlar əvvəlki kimi yenə də elm və maarif məsələlərinə laqeyd qaldılar. Hələ bu azdır, onların bəziləri Həsənbəydən xahiş etmişdir ki, onları rahat buraxsın və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın. "Əkinçi"nin 1876-cı il 7-ci nömrəsində Həsənbəyin dostlarından bir nəfər "S" imzası ilə yazdığı məktubunda ondan soruşur ki, bu "elmi-əbdan"[1] haqqında yazmaqdan nə vaxt əl çəkəcəkdir. [1] "Elmi-əbdan" ifadəsi altında şəriət dərslərindən başqa bütün elmlər nəzərdə tutulur. Öz şübhəsini ifadə edərək bildirir ki, Həsənbəy bu "elmi-əbdan" məsələsi ilə işi o yerə gətirib çıxaracaqdır ki, qəzeti bağlanacaqdır. Həsənbəy öz dostu "S"ə cavab verib deyir ki, peyğəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındakı sözlərini müsəlmanlar çoxdan unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üçün müqəddəs vəzifə sayır. Buna görə də, azərbaycanlıların yeganə qəzeti olmaq etibarilə "Əkinçi" dərvişlik edib, öz oxucularına "1001 gecə" nağılları danışa bilməz; bu qəzet öz qüvvəsi daxilində cəhalət zülmətindən allahın işıqlı dünyasına çıxmaqda öz həmməzhəblərinə kömək etməyə borcludur. * * * Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə söz İyirmi beş sənə bundan əqdəm Badkubə şəhərində nəşr olunan "Əkinçi" qəzetəsi müsəlman qardaşları təhsili-ülum və fünuna tərğib və təşviq edən zaman onlardan kəmetinalıq və soyuqluqdan başqa bir əsər görmədi. Hətta bəzi əşxas ki, o əsrin sahibi-kamal və əhli-mərifəti hesab olunurdu, Hadiyül-Müzəllin Qarabaği kimiləri, "Əkinçi"nin məsləkini müzür və onda dərc olunan gözəl mətləbləri özlərinin köhnə adət və ayinlərinə zidd bilib, biçarə mühərriri nalayiq sözlər ilə həcv edib, olmazın böhtan və iftiranı haqlarında söyləmişdilər. Belə naşayəstə əməlin müqabilində cənab mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini ki, çirkin föhşlərdən ibarət ola, atıb, yerdə qalanını eyni ilə qəzetəsində çap etdirib, həcvin axırında bunu qeyd etmişdi: "Hadiyül-Müzəllinin həcvini təmamən çap etməyə izn olunmadı. Amma o cənabın və onun həmrəylərinin könlü şad olmaq üçün fikrim budur ki, bir daş üstə onu qazıdıb, Qarabağ ilə Zərdab sərhəddində qoyam, ta ki, gələcəkdə bizim övladımız o yadigara baxıb bilsinlər ki, mən milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm". Filhəqiqə demək olur ki, o vaxt cəhalət və nadanlıq Zaqafqaz müsəlmanlarını əhatə edib elm və mərifət nurundan onları bibəhrə qoymuşdu. İki ildən bir qədər ziyadə "Əkinçi" artıq üsrət və məşəqqət ilə zindəganlıq edib, canını millət uğrunda fəda etdi və onun gözəl sözləri və nəfli məlumatı cəhalət pası ilə tutulmuş qəlblərə əsər etmədi. "Əkinçi"dən bir neçə il sonra əvvəlcə "Ziyayi-Qafqaz" və onun dalınca "Kəşkül" ruznamələri Tiflisdə təb və nəşr olunmağa başladı. Amma onlar da çox yaşamayıb, ömrlərini bizə bağışladı. Bu iki qəzetənin zavalını əgərçi çoxları mühərrirlərindən görüb onların biməslək və tamahkar olmaqlarından bəhs etdilərsə də, bizim əqidəmizə görə, camaatımızın da bihümmət və kəmetina və süstrəy olmaqları məzkur qəzetələrin fövt olmasına bais olubdur və insafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb özümüzü safa çıxardaq. Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq. Amma bu illər bizim üçün boş keçmədi. Zəmanənin təqazası bir yandan, mədəni və mərifətli qonşularımızın təsiri özgə bir tərəfdən bizi hərəkət və cünbüşə gətirdi və demək olar ki, bu halda müsəlmanlar bir növ qəflətdən ayılıb tərəqqi yoluna üz qoyublar. Hər guşədən elm və mərifət sədası və hər büqədən təlim və tədris icrası eşidilib müşahidə olunmaqdadır. Lillahülhəmd bu günlərdə intizarını çəkdiyimiz "Şərqi-Rus" ruznaməmiz mərifət meydanına qədəm qoyub, elm və mədəniyyət bayrağını qalxızdı. Ətraf və əknafdan idarəyə daxil olan təbriknamələr, nəzm və nəsr ilə ruznamənin tərifi qəfləti-tövsifi yuxusundan ayılmağımıza böyük bir dəlil və əlamətdir desək, xəta etmiş olmarıq. İyirmi beş il bundan irəli qəzetə haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır…. Bu halda "Şərqi-Rus"dan, hansı ki, ancaq bir aydan bir az ziyadədir nəşr olunur, böyük xidmətlər və mühüm faydalar tələb etmək ağıl və insafdan kənardır. Qəzetə işi ağır işdir, xüsusən, müsəlmanlar içində, hansılarının ki, mətbəəsi yox, yaxşı hürufatı yox, hürufat tərtib edən xidmətçiləri yox, mahir və məlumatlı köməkçiləri və əxbarnəvisləri yox və bunlardan əlavə şövq və həvəslə qəzetəni oxuyub bahasına pul verən müştəriləri yox. Qəzetədən yetişən nəf və fayda bu qüsuratın rəf və təshihi ilə vüqua gəlir və əgər bizim xahişimiz qəzetəmizi nəfili və ləyaqətli etmək isə, onda borcumuz budur ki, onun ehtiyacatını düzəldək, intişarına hümmət və qeyrət göstərək və ərbabi-qələmimizə borcdur onun mündərəcatını xeyirli və zamananın təqazasına müvafiq məlumat ilə doldursun, ta ki qəzetəni oxuyanlar ondan istifadə edib, arzu və təmənnaları puç və ümidləri zay olmasın. Keçən nüsxədə zikr olundu ki, bizim müsəlmanlar qəflət yuxusundan ayılmaqdadırlar. Bu doğrudur. Amma yuxunun müddəti uzun və özü ağır olmağa görə birdən-birə onun əsərindən xilas olmaq çətindir. Bədən zəifləşib, üzvlər taqət və hərəkətdən düşüb, kəsalət cismin əza və cəvarihlərinin cümləsinə sirişt edibdir. Belə ki, ayılmış zəif bədəni birdən qaldırıb ayaq üstə qoymaq qeyri-mümkündür. Lazımdır ona müalicə etmək və qüvvət gətirən dərman və qida yedirtmək və bir müddət onun tədavi üsuluna mütəvəcceh olmaq. Bu isə bağlıdır ağıllı və kamallı kəslərin hümmətinə və əhli-mərifətin və ərbabi-qələmin hünər və qeyrətinə. Heç kəs əlindən gələni gərək bu yolda müzayiqə eyləməsin və cümlə din və millət təəssübü çəkənlər bacardığı qədər kömək və müavinəti ya əqli və qələmi ilə və ya malı və canı ilə ola gərək əsirgəməsin. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu tazələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaqdır. Hər kəs xeyrxahi-millət isə və bu yolda danışıb yazmağa özünü müqtədir bilirsə hünər və sədaqətini göstərsin. Şükür olsun allaha, intişari-fikir və tədbir üçün "Şərqi-Rus"un səhifələri açıq və vüsətli bir meydandır. Cümlənin gözəl və nəsihətamiz sözləri, hüsni-rəyləri və etiqadları cənab mühərrir tərəfindən kamali-məmnuniyyətlə qəbul olunur. Amma gərəkdir şəxsi qərəzlər və təmənnalar, yekçeşmilik və tərəfgirlik kənara qoyulsun. Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə gərəkdir dürüst təhqiq və tədqiq oluna və sonra çarə dalınca gedilə, və eyblərimizi açıb göstərməkdə qorxu və ictinab olunmaya. Büxl, həsəd, məniyyət və xudpəsəndlik ki, müsəlmanların nifaq və pərişanlığına böyük bir illətdir, gərək aramızdan götürülə və "İnnəməl-mömininə üxüvvətün" ayeyi-şərifəsi misdaqınca ittifaq və ittihad ki, mənbəyi-səadət və tərəqqidir, gərəkdir bir an və dəqiqə unudulmayıb, onun ziri-hökmündə olub, məzmununca səy və təlaş oluna…. Bu saf etiqad üzrə müstəhkəm var ikən "Tərcüman"ın axırkı nömrələri gəlib əlimizə keçdi və əhvalımızı pərişan eylədi. Cənab Qaspirinskinin bu vaxta kimi sükut edib, indi "Şərqi-Rus"u əvvəlcə təbrik və təhniyə edib dalınca irad tutması və qəzetəni oxuyanların nəzərində təyib və təxfif etməsi bizi ziyadə heyrət və təəccübə gətirdi. Bu gunə rəftardan cənab Qaspirinskinin muradı nə isə, əlbəttə, özü yaxşı bilir. Amma bizim anladığımıza [görə] bu qisim hərəkətə hər tərəfdən baxılsa baxılsın, burada təəssüfdən başqa söylənəsi bir söz yoxdur. Əgər o cənabın belə rəftarı, öz rəfiqinə rəqabət və hüsudlikdən naşı isə çox heyf! Millətin xadimləri nə qədər çox olsa bir o qədər yaxşıdır və Qaspirinski kimi maarifpərvər şəxsə bu sifət yaraşası sifət deyil. Yox, əgər o cənabın niyyəti öz həmsinfinin və qələm yoldaşının qüsurunu göstərib təshih olunmasını izhar etmək isə onda daha nə söyləyəlim. Burada o cənab kəmtəcrübəliyini büruzə vermişdir. Məgər ona məlum deyil ki, bu qisim kinayəli və acı məzmunlu nəsihət kimsədən qəbul olunmaz! Bu vazeh əmri cənab Qaspirinski gərək anlayıb fəhm edəydi və bunu yəqin biləydi ki, belə acı sözlər təzə qəzetənin müştərilərini azaldıb və onu oxuyanları şövq və həvəsdən salmaqdan başqa özgə bir səmər verməz. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın binövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb riyasətlik iddiasındadırlar. Çün qərəz aməd honər puşide şod, Səd hicab əz del besuye-dide şod, Çün dəhəd qazi bedel rüşvet qərar Key şonasəd zalim əz məzlumi-zar[1]. [1]Tərcüməsi: Qərəz meydana çıxanda hünərin üstü örtülür. Ürəkdən göxün önünə yüz pərdə çəkilir. Qazı ürəyində rüşvət almaq qərarına gəlsə, Zalımı biçarə məzlumdan necə ayıra bilər. * * * İrəvandan məktub Bu axır vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da cümbüş və hərəkətə gəlib, gözlərini qəflət yuxusundan açıb, insanlıq, elm və tərbiyə və təqəddümə hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mədəni millətlərin ətfalı təki təzə üsul ilə elm və ədəb təhsil edirlər. Onlar da köhnə məktəblərin adətinə münəkis quru həsirin və tozlu, yamaqlı palazın üstə oturmayıb, taxtalar (isqələlər) üstə əyləşirlər. Səhərdən axşama təki ağır havalı məktəbdə toz-torpağın içində təzə və cavan ömrlərini çürütməyib hər saatda 5–10 dəqiqə təsfiyyəyi-hava üçün dışarı çıxıb, oynayıb şad olurlar. Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur; amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir maehtiyacını düzəldələr. Burada bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman şagirdləri başqalarına nisbətən çox azdır. Və lakin az olsa da cümləsi qeyrətli, təəssüblü cavanlardır ki, öz işlərində və şüğllərində olub, aralarında ziyadə mehribançılıq və ittifaq vardır. Bu aprelin 4-də darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundovun "Məstəli şah" ünvanında tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynandı. Təklif olunan icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında afərin sədası göyə çıxıb üç-dörd dəfə pərdənin qalxmağını və oynayanların zühurə gəlməyini əl çalıb tələb edirdilər. "Məstəli şah"dan sonra "Könülsüz" ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. O dəxi hamının xoşuna gəldi. Məlum ola ki, "Könülsüz nikah"ı yazan darülmüəllimin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsəlman camaatı bir dərəcədə komediyadan razı qaldılar ki, dübarə təkrarına talib və xahişmənd oldular. Amma vaxtın təng olmağı və bu vaxtlarda darülmüəllimin imtahanlarının başlanmağı mane olub, onların xahiş və iltimasına əməl oluna bilmədi; gələn ildə 2–3 dəfə təsis və tərtibinə vədə olundu…. * * * İdarəyə məktub Müdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə.... * * * İranın oyanması (İranda konstitusiya elan edilməsi münasibətilə) On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz! Karvan uzaqlaşdıqdan və qaranlıq düşdükdən sonra səhranın vəhşi heyvanları hər tərəfdən dəvənin üstünə cumur və onu diri-diri parçalayırlar. Müqavimət göstərməyə əsla taqəti qalmayan, hətta yerindən belə qalxmağa qüdrəti olmayan bədbəxt heyvan inilti ilə böyürür və öz səsi ilə səhralarda hökm sürən sakitliyi pozur. Hazırda İranda da vəziyyət belədir. O, bəşəriyyətin fasiləsiz irəli gedən karvanından kənar düşmüş və təkmilləşməyə, inkişafa doğru yolunu davam etdirə bilmir. İndi bu müdafiəsiz, zəifləmiş ölkəni yırtıcı heyvanları xatırladan başqa dövlətlər parçalamaq istəyirlər. Bu söhbətdən beş il keçdikdən sonra naməlum bir müəllifin İran haqqında "Səyahətnaməyi-İbrahimbəy" adlı ifşaediçi bir əsəri meydana gəldi. Səlis ədəbi dildə yazılmış və Misirdə çap olunmuş bu əsər, İranın özündə olduğu kimi, kənarlarda da çox böyük təsir bağışladı. Kitab müasir İranın həyatı ilə, xüsusən, İran xalqının vəziyyəti və İran hökumətinin ona münasibəti ilə oxucuları tanış edirdi. Bu kitab bir daha bizdə belə bir əqidəni möhkəmlətdi ki, İran ən bədbəxt ölkədir və o, yaxın gələcəkdə mütləq məhv olacaqdır. Lakin görünür ki, bu müəmmalı Şərqdə xalqların taleyindən baş çıxarmaq qeyri-mümkündür. Təəccüblüdür ki, İranda indi qəribə hadisələr baş verməkdədir. Uzun müddət davam edən yuxudan sonra burada oyanma əlamətləri müşahidə edilir. Deyəsən, yorulmuş dəvə ayağa qalxmaq və karvana qoşulmaq istəyir. Fikir intibahı bütün ölkəni bürümüş və islahat işlərinə böyük meyl görünməkdədir. Xüsusən, İranda böyük təsir qüvvəsinə malik olan ruhanilər qorxulu əhvali-ruhiyyə keçirir. Hələ keçən əsrin 80-cı illərində İranın Londondakı keçmiş səfiri Mirzə Melkum xan ruhanilərin ölkədə qüvvətli təsirini hiss etdiyi üçün "Qanun"da İran müctəhidlərini o zamankı sədrəzəmin siyasətinə və bir sıra xarici dövlətlərin İranda qüvvətlənən təsirinə qarşı əlbir etiraz üçün fəal mübarizəyə çağırmışdı. Bu dövrdən iyirmi beş il keçmişdir. İndi ruhanilər dərk etmişlər ki, onların ən əsas vəzifəsi xalqın mənafeyini, onun ruhani və əxlaqi müstəqilliyini müdafiə etməkdən ibarətdir. Onlar müasir quruluşdan öz narazılıqlarını hamıdan əvvəl açıb söyləmiş, hətta öz etirazlarını şahın paytaxtında, Tehranda da bildirmişlər. Yerli əhali öz ruhani rəhbərlərinin səslərinə tam şərik olmuşdur. İki seyidin qətli və Tehrandan ruhanilərin sürgün edilməsi hərəkətin qabağını almadı, əksinə, daha da qüvvətləndirdi. Baş vəzirə qarşı düşmənçilik və nifrət daha da artdı və hər yerdə zalım Eynəlüddövləyə lənət oxumağa başladılar. Hökumət əleyhinə qalxmış və hər yerdə ruhanilər tərəfindən müdafiə edilən hərəkat çox sürətlə bütün ölkəyə yayıldı. Şahın Tehran ruhaniliyi nümayəndələrinin adına göndərdiyi fərmanından görünür ki, şah onun idarə etdiyi ölkə üçün təhlükə törədə biləcək bu hərəkatdan çox narahat olmuşdur. Fərmanda şah ciddi surətdə müctəhidləri -- öz sadiq bəndələrini təbəəlik vəzifələrini yerinə yetirməyə, sülhə və itaətə çağırır, eyni zamanda, söz verir ki, onların mənafeyini müdafiə etsin və ağıllı arzularını yerinə yetirsin. Məşriqi adlı birisi "İrşad" qəzetində Tehranda yayılmış bir intibahnamənin məzmununu nəql edir. Bu intibahnamə tehranlıların əhvali-ruhiyyəsini eyni ilə əks etdirir. Onun məzmunu belədir: İki nüfuzlu və məlumatlı xan arasında söhbət gedir. Onlardan biri soruşur, o birisi cavab verir: S u a l: Tehranda yenə nələr baş verir, nə üçün Eynəlüddövlə seyidləri edam və ruhaniləri sürgün etməyə hökm vermişdir? C a v a b: Görüm onu lənətə gəlsin, o özünü də, hökuməti də rüsvay elədi və öz inamsızlığını və daxili aləmini açıb göstərdi. Onun bu hərəkəti elə ruhanilər üçün çox əlverişlidir. Xalq bu vaxta qədər düşünürdü ki, o, müsəlmandır. İndi allaha şükür o, başa düşdü ki, Eynəlüddövlə müsəlman deyil, kafirdir; əks halda müqəddəs imamın qəbri üstündə peyğəmbər nəslinin qanını tökməzdi və ona məxsus olan kəndi güllə-baran etməzdi. S u a l: Bəs nə əcəb şah bu cür cinayətlərə yol verir? C a v a b: Ay qardaş, şah kimdir, bütün bunlar onun nə vecinədir. Məyər o bilir ki, ətrafında nələr baş verir, məyər bu şümrlər[1] (vəzirlər) qoyarlar ki, şah onun ölkəsində baş verən cinayətlərin ondan birini bilsin. [1] Təhqiredici sözdür. Şümr -- Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qatilidir. S u a l: Əgər şah bilmirsə onun dövlətində nələr olur, bəs onda onun gələcəkdə taleyi necə olacaqdır? C a v a b: Mən sizə sözün düzünü deyirəm: əgər işlər bu vəziyyətdə davam edərsə, onda çox çəkməz ki, nə İran qalar, nə də İran xalqı. Buna görə də mütləq xalq özü haqqında düşünməli və vaxtında özünə çarə tapmalıdır. Əks halda, bu satqın hakimlər ölkəni tamam məhv edəcəklər.... S u a l: Bəs İngiltərə konsulxanasında gizlənmiş tacirlərin, sənətkarların, tələbələrin və başqalarının xahişi nədən ibarətdir? C a v a b: Həm onların, həm də xalqın xahişi budur ki, şah taxt-taca və xalqa düşmən olan vəzirləri məhkəməyə vermək şərti ilə rədd eləsin, iki seyidin qatillərini lazımınca cəzalandırsın, həmçinin ruhaniləri lazımi ədəb-ərkanla Tehrana geri qaytarsın. Onların başqa xahişi budur ki, Tehranda xalq məclisi təşkil olunsun, burada işlər müqəddəs quranın tələbi, mənası və ruhuna uyğun şəkildə həll edilsin və beləliklə, xalqı acgöz hakimlərin cinayətlərindən və ədalətsizliyindən azad etsin.... Bütün bunlar göstərir ki, İranda xalq şüuru oyanır və İran xalqı yeni gözəl həyata qədəm qoyur. Lakin İranın ictimai xalq hərəkatı tarixində ən təsirli fakt -- indiyə qədər mütləqiyyətin mühafizəkar dayağı hesab edilən ruhaniliyin hərəkatda əsas qüvvə kimi iştirak etməsidir. İranda konstitusiya elan edilmişdir. Belə düşünmək olar ki, azad xalqın hüquqlarını cəsarətlə müdafiəyə qalxmış xalq zəkası bütün ölkəni geniş və aydın tərəqqi yoluna çıxaracaqdır. * * * Köçərilərin övza və əhvalı Əgər tarixə baxılsa və dilimizdə istemal olunan məsələlərə və atalar sözünə diqqət yetirilsə, biz Azərbaycan türklərinin bu axır vaxtadək köçəri halında zindəganlıq etməyi məlum olunar. Məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümləsindən ziyadə tərif və tövsif olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim sifətləri tərif olunur. Necə ki, ana şirin və dadlı dil ilə balasına lay-lay çalır, habelə də bizim tərəkəmə xalqı — qoyun becərənlər öz qoyunlarını mehriban və şirin dil ilə vəsf qılırlar. Təfavüt ancaq bundadır ki, ana övladını "balam" sözü ilə yad edir, amma qoyun sahibi qoyununu "nənəm" kəlməsi ilə oxşayır. Bundan aşkara görünür ki, tərəkəmə əhlinin güzəranı, eyş-işrəti, zövq-səfası, kef-damağı və rahat dolanacağı bilkülliyyə qoyunun salamat və bol olmağına münhəsirdir. Sayaçı sözlərini məxsusi bir kitabça tərzində çap etdirmək xəyalında varıq. Burada möhtərəm oxucuları filcümlə aşna etmək üçün o sözlərin bir neçə bəndini zikr qılmağa iktifa edirik: Nənəm, qoyunun qarası, Qırxlığı polad parası, Yaz günü dələməsi, Payızda görəməsi. Qış günü qovurması. Nənəm, o şişək qoyun, Yunu bir döşək qoyun. Bulamanı tez yetir, Bulamanı bol elə, Qırıldı uşaq qoyun! Nənəm, qumral tat qoyun, İldən-ilə art, qoyun. Balaların ölməkdədir, Olma gəl namərd, qoyun! Nənəm, o saçaq qoyun, Bərədən qaçaq qoyun, Sənə yaman baxanın Gözünə pıçaq, qoyun! Nənəm, o narış qoyun, Yunu bir qarış qoyun. Çoban səndən küsübdür, Südün ver, barış, qoyun! Qoyunlu evlər gördüm-- Qurulu yaya bənzər. Qoyunsuz evlər gördüm-- Qurumuş çaya bənzər. Bu minval neçə-neçə belə bəndlərdə sadə və açıq sözlər ilə babalarımız qoyunu tərif edib, onu öz evlərinin bəzəyi və dolanacaqlarının dirəyi məqamında tutublar. Atalar sözünə gəldikdə, qoyundan hasil olan xeyir və bərəkətə dair çox timsallar var. Necə ki, deyilibdir: "Qoyunun oldu əlli, adın oldu bəlli". Adı "bəlli" olmaq, yəni el və oba içində dövlət sarıdan şöhrət tapıb, dillərdə adı söylənmək deməkdir. "Qoyunun oldu yüz, gir içində üz". Yəni yüz qoyundan o qədər dövlət və bərəkət yetişir ki, onun içinə girib üzmək olar. Qoyunsuz evləri babalarımız qurumuş çaya bənzədib, qoyunlu evləri qurulmuş yaya təşbih ediblər. Sayaçı sözlərinin bir parasında qoyuna xitabən deyilir: "Yiyən sənin ucundan çıxıbdır köşkə, qoyun"; yainki: "Yiyən sənin ucundan gətirib gəlin, qoyun"; və yainki: "Yiyən sənin ucundan bağlayıb kəmər, qoyun". Söz yoxdur ki, köşkə çıxmaq, gəlin gətirmək və kəmər bağlamaq dövlət nişanəsidir, varlılıq və bolluq əlamətidir. Və lakin müruri-əyyam ilə ehtiyac və qara gün artıbdır. Babalarımız tək heyvan saxlamaq ilə güzəran edə bilməyib, əkinçiliyə, bağçılığa və bostançılığa qurşanıb, yavaş-yavaş köçəri ikən yerli olublar, təkcə heyvan saxlamağa qane olmayıb, bəyəndikləri meyvəbitirici və barverici sulu yerlərdə özlərinə daimi yurd və məskən salıb oturaq olublar. Ziraətdən maəda alverə, ticarətə və bir para peşə və sənətlərə girişib, mürəffə-hal güzəran ediblər. Elm, mərifət və mədəniyyət cəhətincə dəxi bunlar köçərilərdən xeyli irəli gediblər. Amma bilmək gərəkdir ki, bu halda sırf tərəkəməlik edən, yəni ancaq mal və qoyun saxlamaq ilə köçəri halında dirilik edən bizim içimizdə az tapılar. İndi tərəkəmələrimiz də yarıməkinçi və yarımtərəkəmə olublar. Əgər bu yarımtərəkəməlik edənlərin də olduqları yurd və məskən ab-hava cəhətincə mötədil və salamat olsa idi və yay fəslində onda şiddətli isti və bir para insana əziyyət yetirən mığ-mığ kimi milçəklər və sair həşərat olmasa idi, bilaşübhə onların təmamisi imdiyə kimi oturaq olmuşdu. Amma bir yandan havanın istisi, bir yandan suyun qəhətliyi və qəlizliyi və digər bir tərəfdən insanın ən qatı düşməni olan və hər dəqiqədə başına və gözünə, əlinə və üzünə zəhralud nişlər vuran mığ-mığ kimi həşərat və cücülərin hücumu bizim aranzəmin xalqını hökmən məcbur edir ki, öz heyvanları ilə bir yerdə başlarını götürüb, sərin yerlərə və göy yaylaqların başına köçsünlər. Bizim əqidəmizcə, əgər yay fəslində tərəkəmə xalqı yaylağa keçməzsə, bir az vaxtın müddətində tamamisi malyariya kimi qisim-qisim əlac qəbul etməyən mərəzlərin çəngində fövt olub qurtarar. Köçərilik onların özlərini və heyvanlarını ölümdən qurtarır desək, səhv etmiş olmarıq. Bu axır vaxtlarda mədəniyyətli tayfalar dəxi bir növ köçəri olublar. Köçərilik adəti tərəkəmələrdən və yarımvəhşilik halında güzəran edən qaraçılardan şəhər əhlinə sirayət etməkdədir və bu adət get-gedə kök salıb qüvvət tapır. Belə ki, Avropanın mədəniyyətli qövm və millətləri dəxi köçərilik binasını qoyub, yay fəslində bir yerdə oturmayırlar və artıq şövq ilə təmiz ab-havalı yerlərə köçüb, orada istirahət edirlər və yainki görmədikləri yerləri və uzaq diyar və məmləkətləri gəzib, hər yerdən və hər ölkədən xeyli məlumat, bilik və təcrübə kəsb edirlər. Necə ki, bəzi quşların və bir para heyvanatın təbiətlərində yaranışdan ilin mövsümünə müvafiq nəqli-məkan hissi qoyulubdur və heç bir vəchlə bu hissə məmaniət etmək mümkün deyil, habelə bəni-növi-bəşərin dəxi təbiətində bu hissin varlığı müşahidə olunur. Az adam tapılar ki, səyahət etməyə, gəzib zövq və səfa sürməyə, təğyiri-hava və təbdili-məkan etməyə meyl və rəğbət göstərməsin. Təğyiri-hava və təbdili-məkan insanın səhhət və salamatlığına ən doğru və müqtədir əsbablardan birisi hesab olduğunu Avropa əhli kamalınca düşünüb, vaxtlarını müttəsil cünbüş və hərəkətdə, seyr və səyahətdə keçirirlər. Necə ki, su bir yerdə qalanda qoxuyar və hava bir məkanda boğulub hərəkətsiz duranda ağırlaşar, habelə insan da hərəkətsiz qaldıqda, seyr və səyahətdən bixəbər olub, bir məkanda və bir övzada zindəganlıq etdikdə hər bir cəhətdən aciz, zəif, elmsiz, bacarıqsız və qorxaq olur. Hər bir amerikalı və hər bir ingilis övqatını müttəsil səyahətdə keçirdiyinə görə bütün dünyanı öz vətəni, öz mülkü və öz torpağı hesab edir. Firəng və ya ingilis bizim öz şəhərimizdə bizdən cürətli olur, amma biz öz evimizdə qorxaq və ehtiyatlı oluruq. Bir irəvanlı Gəncə şəhərinə gələndə özünü qərib hesab edir, habelə gəncəli də özünü Nuxada, Şamaxıda və Salyanda qərib adlandırır və beş-on gün öz qohum-əqrəbasından və dost-aşnasından kağız gəlməyəndə və yainki işi bir azacıq düz gətirməyəndə üzünü vətənə sarı tutub, bu qisim bayatılardan oxuyub, könlünü daha da pərişan və qəmgin edir: Bu sular mələr gələr, Dağları dələr gələr. Qərib eldə olanın Başına nələr gələr. Söz yoxdur ki, vətən şirindir. Amma vətən bir anadan olduğumuz ev, məhəllə, şəhər və ya kənd deyil vətən geniş və vüsətli bir diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı üçün əziz və mübarəkdir. Bunu dürüst düşündükdə biz qafqazlılara Qafqazın hər bir məhəllə və mövqeyi vətəndir desək, səhv olmaz. Əsil mətləbə müraciət edək. Bu axır vaxtlarda yaylaq (daça) məsələsi cümlənin diqqətini cəlb edibdir. Hər yerdə təmiz ab-havalı məhəll və məkanlar artıq ciddi-cəhd ilə tutulub və küllü xərc ilə abad olunmaqdadır. Məzkur məkanlarda qəşəng evlər tikilir, gözəl bağçalar salınır, saf sular gətirilir, yollar açılır və can rahatlığına bais olan əşya və tədarüklərin cümləsi düzəlib fərahəm olunur. Mədəniyyətli tayfalar hər bir nəhv ilə çalışırlar ki, öz zindəganlıqlarını xoş və rahat keçirsinlər. Amma biz müsəlman tayfası rahatlığa çalışmırıq. Bizim qanacağımıza görə, "dünya beş gündür, beşi də qara gündür"; məişətimizin tərzi-övzai yaxşılığa mübəddəl ola bilməz. Yaxşı-yaman bir tövr dolanmağı və gün keçirməyi özümüzə bir hünər hesab edirik. Əlimizdə olan gözəl yaylaqların, təmiz havalı və şirin çeşməli yurdların və məkanların qədr və qiymətini bilmirik, onlar bir-bir əlimizdən çıxır…. Biz çoxlarını gəzib görmüşük. Mədən sularının nəf və faydasını inkar etməyib, bununla belə kamali-cürətlə deyə bilərik ki, Zaqafqaziyanın hənuz "kultura" dəyməmiş çox yerləri var ki, yuxarıda sadaladığım yerlərin cümləsindən ab-hava cəhətincə artıqdır. Qarabağ eylatı çıxan dağların, Qazax əhalisi köçdüyü yaylaqların və İrəvan quberniyasında Ələcəz dağlarının o qədər gözəl, könülaçan və ruhtəzələyən xoş hava və basəfa yerləri var ki, yer üzündə onların misl və bərabəri yoxdur. Kars yolunda Sadıqlı stansiyasından tutmuş Qarakilsəyə kimi o qədər həm dəhşətli və heyrətəngiz və həm könülaçan və fərəhgətirən mənzərələr var ki, Avropanı gəzib görənlər onları Şvetsariya dağlarına tərcih verirlər…. Yalnız Dilicanın qərbi-cənubunda olan Həmzəçəmən gözəllikdə və səfada, demək olar ki, yer üzünün behiştidir və Rusiyada olan kurortların təmamisindən artıqdır. Onda olan soyuq və dadlı sular, əlvan çiçəklər, müəttər otlar rübi-məskunun bəlkə az-az yerlərdə tapılar. Qazax şairləri mərhum Kazım ağa Salik və qüfrani-pənah Mustafa ağa Arif hər birisi bir dil ilə Həmzəçəmənin gözəlliyini və səfasını mədh və tərif ediblər. Mərhum Arif Rusiyada əsirvar zillət və həqarət içrə zindəganlıq etdiyi vaxtlarda aşağıda yazılan sözlərlə gözəl yaylaqları və öz elin-obasın yad edib, gözlərindən qanlı yaşlar tökərmiş: Sərçeşməli, neylufərli bulaqlar, Susənli, sünbüllü, laləli dağlar, Dumanlı, çiskinli, qarlı yaylaqlar, Hanı bizim o meydanlar, ağlaram! Ellərimiz vardır bəyli, paşalı, Dağlarımız vardır əlvan meşəli, Susənli, sünbüllü, tər bənəfşəli, Qaldı bağlar, xiyabanlar ağlaram…. Bu halda əmri-məaş çətinliyə düşdüyünə görə arandan dağa və dağdan arana köçmək vaxtı irəliki əyyama nisbətən xeyli təngləşibdir. Keçmişdə, iyirmi-otuz il bundan müqəddəm tərəkəmə xalqı novruz bayramından sonra köçmək qeydinə düşüb, köç-döşə lazım olan əsbab və alatı düzəldib hazırlamağa məşğul olurdu. Əkin-biçin ilə çəndan əlaqəsi yox idi. Elə ki, günün hərarəti şiddətlənib canlıya və cansıza əsər edirdi: Sayan yağış yağanda, Sarmaşıq ot bitəndə, Quzu tələkə tutanda, Keçi irtmək atanda -- köçərilər arandan yaylaqlara tərəf hərəkət edirdilər və orada soyuq düşənə kimi, hətta bəzi yerlərdə qar yağanacan, yəni payızdan da bir ay keçəndə qışlaqlarına qayıdırdılar. Bu vaxtlarda aranın da havası sınıb, yumşaq və mötədil olurdu. Onun istisi heyvana və insana çəndan əsər etmirdi. O vaxtlarda dağdan gələn adamların rəngi qırmızıdan da ötüb, bənəfş çalırdı. Qoyunlar o qədər kökəlirdi ki, quyruqlarını çəkib apara bilmirdilər. At və sığır mal dərisinə sığmırdı. Bununla belə, el-oba yenə həsrət ilə yaylaqdan ayrılırdı və hali-dilini bu bayatı ilə bildirirdi: Dağlar marala qaldı, Otu sarala qaldı, Soyuq bulaq, göy yaylaq Yenə marala qaldı. O vaxt dağ adamlarının qara qızdırmadan və indi modnı naxoşluq olan malyariyadan xəbərləri yox idi və bu qədər canlar onun çəngində fövtə getmirdi. Amma indi, necə ki, sabiqdə zikr olundu, əsil tərəkəməçilik götürülübdür. İndi tərəkəmələr yarıəkinçi və yarıköçəri olublar. Ziraətləri artıb çoxaldığına görə uzun müddət əlaqələrini arandan kəsə bilmirlər. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə, əlsiz-ayaqsızlardan, kasıb-kusublardan elələri də olur ki, bütün yayı aranda keçirib, el dağdan enməyə beş-on gün qalmış var-yoxunu bir öküzünə yükləyib və balalarının əlindən tutub, yaxında olan dağların ətəyinə çıxır ki, heç olmasa bir neçə günə havasını dəyişdirib sərin su içsin. Quyruq doğandan sonra əgərçi hava bir az sınır və milçək azalır, amma bununla belə aranda yenə şiddətli istilər keçir və avqust ayı bizim camaat arasında "qora pişirən ayı" adı ilə məşhurdur. Bu ayda xeyli mərəzlər dəxi törəyir. El-oba bir tərəfdən sərin sulardan və səfalı yaylaqlardan həsrət ilə ayrılırsa da, bir tərəfdən də hər bir oba hamıdan tez özünü arana--yəni odun və yalovun içinə salmağa tələsir. Belə sürət və əcələ ilə arana köçməyin səbəbləri çox isə də, ümdəsi bir oba və şənliyin o biri şənliyə etibarı olmadığıdır, qonşunun qonşudan qorxu və ehtiyat etməyidir. Çünki kərrat ilə görünüb təcrübə olunubdur ki, hansı kəndin şənliyi arana tez enirsə öz qonşuluğunda olan el-obanın qoruğunu malına basdırıb, büxl və həsəd ucundan və yainki oğurluqdan və dələduzluqdan taxılını xəlvət daşıyır, ot taylarını və dam-daşını yandırır, bağını, bostanını tələf edir. Bizim camaatda özgənin malına və canına qəsd etməmək, özgənin əməyini itirməmək və zəhmətinin hasilə yetmiş meyvəsini zaye etməmək hissi ayılmayıbdır. Qonşu qonşunun xeyir və səlahını, nəf və faydasını gözləmədiyi halda, bir-birinə düşmən və yağı olur və bir-birinə zərər və ziyan yetirməyi həccə getməkdən artıq və əfzəl bilir. Əgər bu vəhşilik və xəyanət olmasa hər bir mahalın elatı darda daha da artıq qalıb, oranın ab-havası ilə özləri və otu ilə malları və qoyunları mənfəətbərdar olardı və aranın otlağı da ilin axırına kimi heyvanlara kifayət edərdi və onlar da qışda aclıqdan tələf olmazdı; özləri də malyariyadan xilas olub, vaxtsız və əcəlsiz dünyadan getməzlərdi. Bu bəlaların və fəlakətlərin tamamisi bizim camaatımıza avamlıqdan və anlaqsızlıqdan yetişir ki, avamlıq özü böyük bir mərəzdir. Ən əvvəl ona bir çarə tapmaq lazımdır. Tamam Qazax uyezdinin xalqı, demək olar ki, köçəridir. İyul ayının axırında Dilicanın ətrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxta dolur Dilican dərəsinə. Beş-altı sənə bundan qabaq hər kənd və şənliyin özlərinə məxsus dağ yolları var idi ki, yollarla dağa və arana köçürdülər. Amma indi erməni-müsəlman davasından bəridir ki, Qazax mahalının əhalisi öz köç-döşlərini "dərə yolu" ilə salıblar. Bu yol ibarətdir şosa yoldan ki, Ağstafadan başlanıb, Gömrüyə və Karsa kimi gedir. Avqustun əvvəllərinə bir-iki gün qalmış el tərpənir. Yüz minə kimi camaat bir vaxtda öz külli mali-məvaşiləri ilə dolurlar Dilican dərəsinə, köçün başı Uzuntalaya və Ağstafaya yetişəndə ayağı Qarakilsədə hərəkət edir. Qarakilsə ilə Ağstafanın arası yüz verstdən ziyadədir. Bu yüz verstlik yolu o tay-bu tay tuturlar. Köç köçə dayanıb iki qatar gedir. Bu əsnada Dilican dərəsində bir küy və qalmaqal, bir bağırtı və çığırtı qalxır ki, guya həşr-nəşr başlayıb qiyamət qopur. Böyük kiçiyə, arvad uşağa, qoyun, keçi, at, eşşək və qaramal bir-birinə qarışıb, ağız dediyini qulaq eşitmir, hər heyvandan bir cürə səda gəlir. Bu köç-döşün büsatını mərhum Əhməd bəy Cavanşir özünün bir çox baməzə hekayələrində artıq məharətli nəzmə çəkibdir. Onlardan "Xoca-xoca və çalağan" hekayəsinə baxmalıdır. Elatın bu minval tələsik, bir-birini basa-basa arana köç etdiyi əsnada nə qədər maddi zərər və ziyana düçar olduğunu yazsaq çox uzun çəkər…. Divan əmələsi və mal həkimləri "keçi suyu bulandırdı" bəhanəsi ilə yazıq tərəkəmələrdən o qədər xilafi-zakon xərc və ştraflar alırlar ki, təsəvvürə gələsi deyil. Allah əvvəlkilərə insaf və axırkılara səbir versin. * * * Milli bayram Budur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik. Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə. Keçən sənədə sentyabrın 7-də knyaz İlya Çavçavadzenin təşyiyi-cənazəsində olub, gürcülərin mütəvəffi ədiblərinə göstərdiyi ehtiramı da gördük. Bu qisim ehtiramı və bu sayaq təziyədarlığı, belə ittihad və ittifaqı bu vaxta kimi biz bir kəsin haqqında görməmişdik. Cəmi Gürcüstan, demək olardı ki, böyük bir hüzn və qəmə, intəhasız bir yasa düçar olub öz şairlərinin cəsədi ilə belə ruhani zindəganlıqlarının mayəsini hazırlaşdırdılar ki, qara torpağın altında dəfn etsinlər. Gürcüstanın hər yerindən: uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən deputatlar Tiflis şəhərinə cəm olub, hər biri bir növlə izhari-təəssüf və zar-təzərrö edirdilər. Əkinçidən tutmuş ərbabi-qələmə kimi, rəiyyətdən knyazlaracan, fəqir-füqəradan sərvət və dövlət əhlinədək, hər qisim sənətkar və əsnaflardan, şagirdlərdən, müəllimlərdən, qara camaatdan, ruhanilərdən, müəllimə və mütəəllimələrdən, hər bir firqə və partiyalardan, sahibi-mənsəblərdən, mütəəddid dəftərxana çinovniklərindən iki yüzəcən venoklar mühəyya olunub, hər firqənin vəkili öz venokunu məhzun və qəmgin bir halət üzrə təşyiyi-cənazədə apardılar. Gürcü qəzetə və jurnalları başdan ayağa hüznavər və ənduhsirişt məqalələrlə dolmuş idi. Hər yazıçı bir dil ilə, hər şair bir növhə və təranə ilə yetmiş sinnində məqtul olunmuş ədiblərini oxşayırdı.... Aya, biz Azərbaycan türklərinin sereteliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mətəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir. Bu vaxtadək nə Qasımbəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşari-asarı kamalınca öyrənilməyibdir. Bu qəflət və kəmetinalıq bizim hala cəhalət və kəsalət içrə yaşayıb qalmağımıza böyük bir sübutdur. İndiyə kimi Qasımbəy Zakirin əsərlərindən Adolf Berjenin Leypsiqdə təb olunmuş məcmuəsinə daxil olan nəviştəcat və bəzi qəzəliyyatdan başqa birisi də çap olunmayıbdır. Hacı Seyid Əzimin əsərlərindən bir parası çap olunubsa da, bir çoxu dəxi təb və nəşr olunmayıbdır. Çap olunanları dəxi xeyli biqayda və bisəliqə tərtib olunubdur. Əsla lüzumiyyəti olmayan və təqazayi-zəmanayə müvafiq gəlməyən əsərlər məcmuəyə daxil olduğu [halda], ziyadə əhəmiyyətli və lazımlıları unudulub kitaba salınmayıbdır. Nəstəliq xətti ilə Ünsizadənin mətbəəsində çap olunmuş kitabda həddən ziyadə səhv və qələtlər vardır, kitabın kağızı alçaq və cod olmağa görə bəzi yerləri bir sayaq qarışıq və bulaşıq xətlə çap olubdur ki, düz oxunması savad əhlinə dəxi müyəssər deyil. Budur bizim əvvəlinci şairimizin, milli ədibimizin və mayeyi-fəxrimiz olan Seyidin əsərlərinə və ya digərlərinə olan hörmət və ehtiram. Bizim yəqinimizdir ki, əgər Hacı Seyid Əzim kimi şair, Avropa əhlini hələ kənarda qoyaq, bizim qonşularımız erməni və gürcü tayfalarının içində vücuda gəlmiş olsa idi, onun əsərləri kərrat ilə çapdan çıxıb, oxucular arasında bir dərəcədə intişar bulmuşdu ki, uşaqdan böyüyə kimi cümləsi onları oxuyub əksəriyyəti əzbərdən bilərdilər. Budur, beş ildən ziyadədir ki, biz fəqir milli şairlərimizin tərcümeyi-hallarına dair əhvalat yığmağa çalışırıq, kifayətincə məlumat cəm etmək bacarmadıq. Hacı Seyid Əzimin, Abdulla bəy Asinin və mərhum Mirzə Fətəli Axundovun vəfatlarına gəldikdə bunların haqqında izhar olunan bietinalığı və bir dərəcədə biədəbliyi dilə gətirməsək yaxşıdır.... Ancaq mayeyi-təsəllimiz bu ola bilər ki, ədiblərimizin qədr və qiyməti öz vaxtlarında və bu halda bilinməsə də gələcəkdə qəflət yuxusundan ayılmış millətimizin zirək və qədrşünas balaları bilərlər və onların nam və şöhrətini uca məqama qalxızarlar və bu unudulmuş əsərlərini intişar etməklə adlarını zində qılarlar. Çünki bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. Farsların Sədi və Hafizi diri qalan kimi bizlərin də Zakiri, Seyidi, Nəbatisi, Saliki, Arifi, Fəqiri, Kamisi gərək diri qalsınlar. Mərhum Hacı Seyid Əzimin bu beyti ki, onun qəbr daşına yazılıbdır, bizim arzunun gələcəkdə nəticə-bəxş olunmasına şəhadət verir: Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim! Əlbəttə, bizim də milli bayramımız olacaqdır! * * * Məişətimizə dair 1 İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?... Şayani-təəccüb budur ki, hürriyyət tərəfdarları hər yerdən artıq Azərbaycanın mərkəzi olan Təbriz şəhərində tapıldı. O Təbrizdə ki, neçə sənə bundan irəli məşhur İbrahimbəy öz "Səyahətnamə"sində onun əhalisini məqami-tənqidə qoyub, olmazın pozğun sifətləri və qəbih əməlləri onlara isnad vermişdi; o Təbrizdə ki, İbrahimbəydən əvvəl mərhum Abbasquluağa Bakıxanov Qüdsi təxəllüs onun xalqını daha da bədtər həcv qılıb, onda adam nəzərə gəlmədiyini bəyan etmişdir: Nə qədər seyr elədim kuçə ilə bazarı,-- Adəm çox az görünür, izdiham kəsrətdir. İndi haman Təbrizdə hər yerdən artıq hürriyyət və azadlığın qədri bilinib, onun yolunda qanlar tökülür və canlar fəda olunur. Beş-on il bundan qabaq həcv olunan Təbriz indi mədh olunur. Hürriyyətpərəst müsəlmanlar millət bahaduru Səttarxanı tərif və təhsin edirlər. Hürriyyətpərəst xaricilər onun sağlığına qədəhfərş olmaqdadırlar.... Osmanlıya gəldikdə, burada dəxi məşrutiyyət verilir ki, bu dəxi heç kəsin yuxusuna gəlməz bir vaqiə idi. Hər kəs soltan Əbdülhəmid həzrətləri tutduğu məsləki və işlətdiyi politikanı nəzərə alsa, bizim sözümüzü təsdiq edər. Burada dəxi hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi iğtişaş və fəsadlar vüquə gəlməkdədir. Qərəz, hər yerdə böyük təğyirat və təbəddülat müşahidə olunmaqdadır. Burada Şeyx Sədinin əsrində türklərin hücumundan nəşət edən şuluqluq və inqilab yadıma düşdü. Birun rəftəm əz nəngi-türkan ke didim, Cəhan dərhəm oftad çun muyi-zənci[1]. [1] Tərcüməsi: Türklərin arından qaçdım, (çünki) gördüm ki, dünya zəncinin tükü kimi dolaşibdir. Bu müddətin ərzində aləmi-islamda vüquə gələn işlərə biz kənardan tamaşaçı olduq. Qələmimiz paslandı, mürəkkəbimiz qurudu və kağızımız toz altında qalmaqdan saraldı. Bir tərəfdən aləmi-islamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. Qeyri bir tərəfdən öz məişətimizə baxıb, onun irəliki halı ilə köhnə dəyirmanın çürümüş çarxı kimi ağır və ahəstə və bir qayda üzrə dolanmasını görüb, məlul və məhzun olduq. Yenə sabiq qərar üzrə biçarə millətimiz cəhalət və nadanlıq qaranlığında zəbun və sərgərdan qalmışdır. İşıqlı dünyadan onun xəbəri yoxdur. Uzun müddət qaranlıqda güzəran etdiyi üçün qaranlığa adətkərdə olmuşdur və işığa çıxmağa meyl və rəğbət göstərmir, guya işığa onun heç ehtiyacı yoxdur. Belə qaranlıq aləmində yaşayan qövm və tayfanın, əlbəttə, işləri də qaranlıq, fəna və əhəmiyyətsiz olacaqdır. Burada hər kəs öz xırdaca işlərinin dalınca olub beş günlük ömürləri üçün qüvvəti-layəmut cəm etməkdədir və bu yolda cümlənin səyi və təlaşı, hümmət və qeyrəti biri-birini aldatmaq, biri-birinə tor qurmaq və biri-birinin qanını sormaqdır. Ümumi qaydaya müvafiq, söz yoxdur ki, güclü gücsüzə qalib gəlir, dərisi soyulan və qanı sorulan qara rəiyyət tayfası olur; yəni o sinif olur ki, onun elmi və biliyi və təcrübəsi vəhşilərə və qan soranlara nisbət azdır, hansılar ki, avam və sadədil olduqlarına görə tez tora düşür. Əlli-altmış sənə bundan müqəddəm mərhum Qasımbəy Zakirin vaxtında rəiyyət tayfasına olan bidadlıq, zülm və təcavüz indi də o qərar üzrə icra olunmaqdadır. Bu hürriyyət əsrində belə ədalətsizliyə baxdıqda ürəyimiz qan ilə dolur və daha artıq sükunəti-ixtiyar etməyə tab gətirməyib, qələmə əl uzadırıq. Həqiqətdə bizim diriliyimiz, mayeyi-həyatımız və eyş-işrətimiz bu qara rəiyyət adlanan güruhun pürməşəqqət zəhmətinə bağlıdır. Bunlar bizə maddi tərəfdən rahatlıq, əmniyyət və asayiş verdikləri kimi, zindəganlığımıza lazım olan mayehtiyacı mühəyya qıldıqları kimi, biz də əvəzində borcluyuq ki, bunlara ruhaniyyət və mənəviyyat cəhətincə qulluq edək, bunların haqqında olunan zülm və sitəmi dəf edək, ruhlarının və ağıllarının tərəqqi və tərbiyəsinə sərfi-hümmət göstərək. Amma mətəəssüf öz borclarımızı nəinki layiqincə əda etmirik, hətta küfrannemət izhar edib, sağmal inəyimizin boğazına pıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik. Zakir öz əsrində rəiyyət tayfasını çapıb talan edən firqələri kəlamında tədad edib, əvvəlinci mərtəbədə ruhani sinfini qoyur və onların haqqında çox danışıqdan sonra mühəssili-kəlamda deyir: Vaiz bizə oxur şəri-Mustafa, Hərama mürtəkib olmayın əsla, Özü lüm-lüm udar batində, əmma Zahirdə dediyi mənayə bir bax. Bundan aşkar görünür ki, millətin ruhani ataları -- mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş və şəriətin hökmünü pozan ən əvvəl özləri olurmuş. Bu qisim mollalar ola bilər ki, Zakirin vaxtında artıq imiş, amma onların toxumu kəsilməyibdir. Bizim vaxtımızda dəxi az deyil. Şair ikinci mərtəbədə divan əmələsini qoyub, onların barəsində də xeyli danışdıqdan sonra deyir: Dolanır bazarı darğa, kvartal, Döyülür sifətlər, yolunur saqqal, Gecə get cibinə beş-on manat sal, Gündüz gəlib nırxa, bahayə bir bax. Və özgə bir yerdə nəticəyi-kəlamda deyir: Divan demə hərgiz buna kim, adəti-candır, Bir mən demədim nola ki, məşhuri-cahandır. Zakirin vaxtında divan əhli sifətləri döyüb və saqqalları yolmaqla ciblərini doldururmuşlarsa, bizim vaxtımızda dəxi geri qalmırlar və bəlkə xilafi-zakon işlər ilə keçmiş divan əhlinə bizimkilər rəhmət oxutdurur. Bu noyabrın 7 və 8-ci günlərində südebni palatın şöbəsi Gəncədə ağa pristavların: Bəhram bəy Cavanşirin, İvan Yaralovun, Andriyan Parfiyenkonun və Mixail Parçinskinin xilafi-zakon işlərinə baxıb, hər birisini öz cəzasını çəkməyə tənbeh qərar qoymuşdur. Pristav ağaların xilafi-zakon işləri rüşvət almaq və adam döymək olubdur. Hər yerdə döyülən və rüşvət alınan müsəlman olubdur. Əlbəttə, bu əsrdə müsəlmandan başqa rüşvət verməyi və döyülməyi heç bir millət özünə qəbul etməz. Bu cənablardan intiqam və qisas almaq üçün Mixail Parçinski Zəngəzur uyezdində Məşədi Abdulla Məşədi Allahverdi oğlunu və Allahqulu Həzrətqulu oğlunu kəndir ilə boyunlarından ağaca sarıtdırıb və çıplaq soyundurub, dal tərəflərinə qamçı ilə o ki var döydürübdür. Və rüşvət almağının da hesabı yoxdur. Doğrusu ki, Parçinski kimi əxlaqsız və dəni bir adamın müsəlmanların haqqında göstərdiyi zülm və intiqam bizi ürəkdən incitdi. Parçinskinin kim və nə əməlin sahibi olduğunu İrəvan müsəlmanları yaxşı tanıyırlar. O intiqamın nədən nəşət etdiyini zaiqəyə tapşırsınlar. Budur bizim müsəlmanların halı.... Gələcəkdəki məqaləmizdə mərhum Qasımbəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən sair firqələrin barəsində yazdığı şerlərdən danışıb əsil mətləbə keçəcəyik. 2 Qarabağın şairi-binəziri mərhum Qasımbəy Zakir kənd əhlinin qanını sorub, malını insafsızca qarət edənlərin cümləsindən üçüncü məqamda alış-veriş adamlarını və tüccar sinfini qoyub, onların vəsfində deyir: Səhra mərdümünü şəhr əhli görcək Yalvarıb, yapışıb oturdur çömlək. Beş arşında sürüşdürür üç çərək, Tacirə seyr eylə, sövdayə bir bax. Baqqal qoyar tərəziyə imanın, Əsəl qiymətinə satar ayranın, Qudurmuş it kimi dalar hər yanın, Deyər yoxdur Ali-əbayə bir bax. Söz yoxdur ki, alış-veriş əhli və tüccar qismi təbiətlərinin təqazasına görə, hər millətin içində olacaq olsun, bir növ tamahkar, həris və xəsis olurlar və öz mallarını baha qiymətə satmaq üçün yüz cür fən və əməllər işlədirlər. Bu yolda xaricilər arasında bizimkilərə səbqət edənlər az deyil. Təfavüq ancaq bundadır ki, bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olub, məhz öz yaxın qonşularını, din qardaşlarını və ətraflarında olan əlsiz-ayaqsız, kasıb və yoxsul kənd əhlini soymağa iktifa edirlər və beş arşın çürük bezlərini satmaq üçün on dəfə peyğəmbərə, imama və getdikləri həccə and içirlər. Və bu qisim insafdan dişarı və xilafi-şər yolu ilə təhsil qıldıqları dövlətdən axırda nə özləri bəhrədar olurlar və nə də qeyrilərə, yəni soyulanlara bir mənfəət yetişir, "Yel ilə gələn, sel ilə gedir". Əksər övqat haciyi-qeyri-nacinin dövləti Hacı Qaranın dövləti kimi hədər gedir. Amma sair millətin alış-veriş adamları bizimkilərə oxşamır: onlar işlərini bünövrəli və əsaslı götürüb, mal ilə mətahlarını qeyri tayfalar arasında intişar etməyə səy qılırlar və bu nəhvləri ilə mal və dövləti dəxi özgə millətlərdən qazanıb, lazım olan məqamlarda öz millətlərinin xeyrinə və rəfi-ehtiyacına sərf edirlər. Erməni tayfasının cəmiyyəti-xeyriyyələrinə erməni tüccar və bəzirganının kassalarından on minlərcə və yüz minlərcə pul daxil olmasına gərək şübhə olunmasın. Sövdagər və alış-veriş əhlinin zəmmindən sonra şair xanzadə və nücəba sinfinə ətfi-kəlam edib, onların əleyhində yazır: Həddən aşıb bu viladə şərarət, Hər kim bir iş görə puluna minnət. Mu qədəri yoxdur ədlü ədalət, Və lakin şöhrəti-bicayə bir bax. Böyüklərin işi deyil deməli, Dənidən betərdir felü əməli, Belə görməmişdik bundan əzəli, İndi karü bari-rüsvayə bir bax. Xanzadələr şişə taxar rəyəti, Özlərinin deyil malü dövləti, Oda təpər harda düşsə fürsəti, Mujikə seyr eylə, ağayə bir bax. Palajenya nəqli ta olub möhkəm; Gərək bəy azalda zülmün dəmadəm, Dəxi də artırar bu əhli-biqəm, Yanında çalınan zurnayə bir bax. Piranəsərlikdə mən oldum rüsva, Düzəlmədi işlər, cana yetdim ta, Gör nə oyun tutdu, əzizim Mirza, Zakira, təqdiri-qəzayə bir bax. Zakir özü Qarabağın xass-xalis nücəbalarından ola-ola öz həmsinfinin ayıb və qüsurunu belə açıq mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsindir. İmperator Aleksandr sani 1861-ci ildə fevral ayının 19-cu günündə verdiyi fərmani-hümayunu ilə Rusiyada olan cəmi rəiyyət tayfasını mülkədar ağaların cövr və sitəmindən xilas elədi. Bu fərmanın zühuru ilə əlli-altmış milyon rus əkinçilərinin üstünə guya təzə bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada olan rəiyyətləri haqqında dəxi təzə polojeniya qərardad olundu. Bu polojeniyanın hökmüncə bizim ağaların bir para həddi-təcavüz edən ixtiyarları geri alınıb, zülm və təəddi əlləri qısalandı. Hər iki sinfin mabeynində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. Və lakin Zaqafqaziyanın sair yerlərində polojeniyanın hökmünə az-çox əməl olunursa da, bizim yerdə olunmadı. Necə ki, Zakir yazır: Polojeniya hökmü sadir olandan sonra zülm etməyə metad olan "bu qövmi-biqəm" dəxi də öz zülmlərini artırıb, rəiyyət tayfasını bicürmü günah şişə taxıb yandırarlarmış. Şair onlarıi bu sayaq zülmkar, biar və bədşüur olmaqlarından nalə və fəryad edib, hali-dilini dusti-əzizi olan Mirzə Fətəli Axundova yazmışdır. Zakirin əsrindən bu ana qədər qırx beş-əlli sənə gəlib keçibdir. Bu müddətin ərzində əcnəbi millətlər və bizdən çox geridə olan qövm və tayfalar bizi basmıyıb qabağa keçiblər. Çünki hamıdan artıq rəiyyətin əlinin zəhməti ilə asudə mürəffə hal dolanan onlardır və lakin çox heyf olsun ki, bizim alinəsəb ağazadə və xanzadələrimiz bu məsələyə başqa nəzər ilə baxıb, rəiyyət tayfasının həmişə vəhşi halında və zülmət aləmində qalmaqlarını özləri üçün eyni-səlah görüblər; ta ki, onların avamlığı ilə nəfbərdar olub mərifət ... işığının və elm nurunun onların içinə daxil olmasına sədd çəkib, məmanəət göstəriblər və əlan göstərməkdədirlər. "Qarğalar laçın olub, laçınlar qarğalanıb". Bu müddəti-mədiddə rəiyyət tayfasının güzəranı və övzai-məişəti dəyişilib, üsrətdən-yüsrətə mübəddəl olmayıb, gələ-gələ fəqir və zillətə düçar olmaqdadırlar. Əlbəttə, cümlədən ziyada onların qeydinə qalan və oduna yanan gərək mülkədar bəylər və ağalar olaydı, hamıdan artıq gərək onlar çalışıb öz rəiyyətləri arasında elm və bilik intişar edəydilər. Neçə vaxt bundan müqəddəm həqir böyük bir mülkədar bəy ilə dəhat əhlinin cəhalət və avamlığından bəhs edib ona məsləhət üzü ilə təklif elədim ki, öz kəndində rəiyyət uşaqlarının təlimi üçün bir təb açdırsın. Bizim bu təklifimizdən cənab bəy mütəğəyyir-hal olub, itab ilə cavabında bizə dedi ki, filankəs, sən nahaq yerə belə sözləri bizim camaatın içində danışırsan və aralarına iğtişaş salırsan. Rəiyyət tayfasına oxumaq-yazmaq nə lazımdır. Sözün doğrusunu bilmək istəyirsən sənə deyim: "Mən heç vaxt istəmərəm ki, mənim rəiyyətim elmli və qanacaqlı olsun. Ondan mənə və övladıma nə fayda? Mən əlan öz mülkümün içində bir balaca padşaham, hər nə istəyirəm, eləyirəm. Hər qisim əmr məndən sadir olsa, təbəələrim ona sözsüz, sualsız əməl edirlər. Onlar zəhmət çəkir, işləyir, mən də rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belə yaranıbdır: "Biri zəhmət çəkib qazanır, biri də rahat oturub yeyir". Kim istər padşahlığını əldən versin? Kim istər öz məmləkətində elm oxutmaq ilə xəyanətkar sosialistlər əmələ gətirsin, fəsad toxumunu əksin?!" Əlbəttə, sərkarın bu batil etiqadda olmağı onun öz avamlığını dəxi göstərir. İşin zahirini görüb, batininə elm yetirə bilmir və düşünmür ki, camaatı həmişə avamlıqda saxlamaq olmaz, anlamır ki, o, avamlıqda qaldığı halda ətrafdakılar elm sayəsində tərəqqi edib qabağa gedirlər və çox çəkməz ki, ona hücum edib özünü, müstəmləkatını və avam təbəəsini əjdaha kimi udub məhv və nabud edəcəklər.... 3 İrəliki məqalələrimizdən "Tərəqqi"nin hörmətli oxucuları gördülər ki, əsillərindən o dərəcədə uzaqda və kənarda durmayıblar, necə ki, bizimkilər durubdur. İntelligensiyamız ilə camaatımızın arasında dərin və gen bir dərə vardır ki, hər iki tərəfi bir-birinə vasil etmək üçün lazımdır yol açmaq və körpü salmaq. Hələ hər bir tərəfin "köçü də ayrıdır, heçi də". Təlim və tərbiyə kəsb edənlərimiz kənardan durub millətimizə tamaşa edirlər və millətin çirkinliyi, fəqirliyi və avamlığı onları təəccüb və heyrətə salır. Avam camaata gəldikdə o dəxi təlim almışlarımıza vəhşiyanə baxıb onlardan bir yaxınlıq, bir mülayimət və münasibət, həqiqi bir iltifat və müavinət görməyib də kənara çəkilir, onlardan hürkür. Tərəflərin yek-digərinə yaxınlaşmağına hələ bir vəsilə görünməyir. Füzuli Bağdadinin kəlamını bir azacıq dəyişdirib, münasibi-hal demək olar: Bu ona fitnə, ol buna afət, Bu ona qüssə, ol buna möhnət. Mütənəffir bu ondan, ol bundan, Mütənəkkir bu ondan, ol bundan. Burada tamam səhv və xəta və bəlkə günah, bizim əqidəmizə görə, intelligensiyadadır. Çünki bunlar millətimizi özlərindən ayrı və özlərinə oxşamayam bir cismi-kəsif məqamında tutub, ona yaxınlaşmağa meyl və rəğbət göstərmirlər və kənara çəkilib istəyirlər ki, boş sözlər ilə onun dərdinə əlac eləsinlər. Özlərini hər cəhətdən əşrəf və əfzəl tutub, qara camaatın içinə qarışmağı özləri üçün böyük eyib hesab edirlər. Yuxarı mərtəbələrindən aşağı enməyi kəsri-şan bilirlər. Söz yoxdur ki, kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz Və bilmədiyi halda ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyri-mümkündür. Necə ki, təbib naxoşun naxoşluğunu bilməmiş buna müalicə etməz, habelə də bizim intelligensiyamız öz məqamlarından tənəzzül etməmiş, millətimizə qarışmamış, onunla müaşirət və müamilət etməmiş, onun nəfəs aldığı hava ilə tənəffüs etməmiş, onun şadlığına və qəminə şərik olmamış, onun cəhalət mərizlərini öz yerində bilafasilə təhqiq və təcziyə etməmiş və üsuli-tədavisinə lazım olan dərmanları istemal qılmamış millətə həqiqi kömək edə bilməzlər və millət dəxi get-gedə daha da artıcaq pozğun hala və möhlik mərəzlərə düçar olub, əlində olan miknət və sərvəti zay edəcəkdir və çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalərə giriftar olacaqdır.... Hər bir şeyin başı məhəbbətdir. Hər bir şeyi cünbüş və hərəkətə gətirən, hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. Bu hissi-ali isə bizim intelligensiyamızın ürəyində yoxdur. Və necə ki, məhəbbət çeşməsi onların qəlbində açılmayacaqdır, onun həyatbəxş suyu damarlarında cərəyan etməyəcəkdir, intelligensiyamız özlərini kənarda saxlayıb, millətin dərdlərinə və qisim-qisim fəlakətlərə düçar olmasına tamaşaçı olacaqlar. Bilirəm ki, bizə bu barədə irad olunacaqdır ki, filankəs, səhv edirsiniz, bu halda millətin dərdinə qalan və oduna yanan az-çox var isə də yenə bizim millət xadimlərimiz vardır ki, onların vücudunu inkar etməyə haqqımız yoxdur. Onlar da olmasa vay bizim halımıza; amma bizim dediyimiz bu beş-on nəfər deyil! Beş-on nəfərdən intelligensiya əmələ gəlməz, biz çoxu nəzərdə tuturuq. Əgər desələr ki, çoxunun da həmişə danışdıqları millət sözüdür, cavabında sözümüz bu olacaqdır ki, quru millətpərəst iddiasında olub, onun dərdlərinə məhz söz ilə kömək etməyə biz əsla qiymət vermirik. Keçmişdə "millət" sözü bizim dilimizdə az işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. Bir müslim qeyri bir müslimi hiylə və təzvir damına giriftar etdikdə tora düşən nifrət və kərahətlə fəryad edib deyirdi: "Belə də millət olarmı, a kişi?" Amma indi elə bir zaman yetişibdir ki, onun təqazasına görə millət sözü "modnı" bir ləfz olubdur ki, onun əsil mənasını layiqincə dərk etməyənlər dəxi mövqesiz və ehtiyacsız onu istemal edirlər. Əlbəttə, bunlar tamamən hərfdir, əhli-hal onun bahasına bir qara pul da verməz. Bu qəbil millətpərəstlər "Tərəqqi"nin "Gəncəli" müxbiri yazdığı millətpərəstlər qismindəndir ki, gah da bir Bazarbaşı adlanan yerdə cəm olub, başqa bir söz tapmayıb, "millət sözü" danışırlar və sonra xanələrinə istirahət üçün çəkilirlər və millət, millət deməklə istəyirlər onu qabağa aparsınlar. Ədiblərimizdən möhtərəm Əbdürrəhimbəy Haqverdiyev "Millət dostları" ünvanında yazdığı müxtəsər hekayə yalançı millət dostlarının dolanacağından gözəlcə və tərtəzəcə bir nümunədir. Bu halda hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq zəhi sadəlövhlük deyilmi? Bunların haqqında mərhum Hacı Seyid Əzim demişdir: Qeyrəti-milləti bəhanə qılır, Gündə xalq içrə yüz fəsanə qılır. * * * Məişətimizə dair 1 Karvan rəfto to dər xabo biyaban dər piş Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi? [1] [1] Tərcüməsi: Karvan getdi, sən yatmısan, qarşıda biyaban var. Nə vaxt gedəcəksən, kimdən yolu öyrənəcəksən, nə edəcəksən, necə olacaqsan? Xacə Hafiz Şirazinin bu beyti övqati-əzizəsini qəflət və bətalətdə keçirmiş bir nəfsi-vahidin fəna halını bəyan etdiyi kimi, bütün bir qövm və tayfanın və hətta bir millətin qəflətdən bidarı və tənbihəsi üçün hikmət üzü ilə yazılmışdır, -- desək, xəta olmaz. Bəhərtəqdir zamani-hazırda bu beytin məalı bizim hal və şanımıza və övzayi-əhvalımıza ən münasib, ən müvafiq gəlir. Miləli-müxtəlifə tərəqqi və təməddün yolunda səy və təlaşı, rənc və zəhməti istirahət və qəflətə tərcih verib, elm və bilik sayəsində irəli gediblər. Övzayi-məişətləri elə bir münsiq və münəzzəm qaydaya düşübdür ki, gün-gündən qabağa getməyə şəkk qalmır. Biz müsəlmanlara gəldikdə, biz bəşəriyyət karvanının qatarından üzülmüş yorunuq dəvə kimi bir yerdə qalıb, uzun dəhrləri xabi-qəflətdə keçirmişik. Bu halda ətrafımızda vüquə gələn hadisat, əlamat, gurultu, nərilti və hürriyyət yolunda olan vuruşma və çırpışma bizi də bir növ yuxudan oyadıbdır, gözümüzü açıb görürük ki, karvan çoxdan gəlib kedibdir. Qabaqda vəsi bir biyaban, yolu getməyə nə dizdə taqət və nə də ürəkdə hünər, nə qəlbdə mətanət və nə də mənzurda bir rəhbər və dəlil! Odur ki, Xacə Hafiz bizim kimi qəflət yuxusunda vaxtını keçirmiş bir millətə xitabən deyir: "Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi?". Yəni yolu nə vaxt gedəcəksən? Səni xabda qoyub kecən karvanən sorağın? kimdən soracaqsan? Nə eləyəcəksən? Basına nə carə qılacaqsan?.... Filhəqiqə heç bir millət mədəniyyət aləmindən, elm, mərifət nurundan bizim kimi uzaq düşməyibdir. Heç bir millətin, heç bir qövm və tayfanın üstündə o qədər ağır təkliflər və çətin məsələlər yığılıb qalmayıbdır, nə qədər ki, biz müsəlmanların üstündə qalıbdır. Qonşularımız öz dolanacaqlarına, məişəti-ümumiyyələrinə aid hər qisim məsələlər törətdikcə vaxtın təqazasına müvafiq ittifaqla təhqiq və tədqiq etdikdən sonra əməl ediblər. Sonra qeyri məsələlərin halına və qeyri ehtiyacların rəfinə sərfi-hümmət ediblər. Hər bir məsələni öz vaxtında, hər bir ehtiyacı zühuru əsnasında təhlil və təshil qılıblar. Biz isə.... Biz indiyə kimi ümumi işlərimizə dair bir məsələni layiqincə həll etməmişik, milli ehtiyaclarımızdan birisini də rəf qılmamışıq, ümumi qüsurlarımızdan birisini də təshih eləməmişik, köhnə ehtiyaclarımız təzəsinə və təzələri köhnəsinə qarışıb cümləsi təzə hökmündədir. İyirmi-otuz sənə bundan müqəddəm mərhum Həsənbəy Zərdabi "Əkinçi" qəzetəsində atəşli dil ilə yazdığı ehtiyaclarımız, on sənə bundan irəli müdiri-möhtərəmimiz Əhmədbəy Ağayev "Kaspi" ruznaməsində məhəlli-müzakirəyə qoyduğu mühüm məsələlərimiz, ümum qüsur və nöqsanlarımız indi də irəliki sayaqda və qədimki halında qalıbdır. Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. Nəbati demişkən: "Hələ ləng, ləng, ləngdir". Bu süstlüyə, bu acizliyə, bu bir nöqtə üzrə donub qalmağa ümdə səbəb, necə ki, irəliki məqalələrimizdə dəxi zikr etmişdik, camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairəsində güzəran etməyi olubdur, hər bir firqənin öz məxsusi kar-barının, nəf və səlahının və dolanacağının dalınca təlaş etməsi olubdur. Rəyasət və hörmət iddiasında olan ruhani ataların və alicəmab ağaların hirsi, qərəzi, tamahı və kütahbeyinliyi olubdur. Millət qeydinə qalan, camaat nəf və səlahını mülahizə edən, onun dərd və mərəzlərinə çarə axtaran olmayıbdır. Atalardan qalma ittihad və ittifaqa məxsus gözəl məsəllər unudulub, nifaq və ixtilafa mənsub olanları: "El üçün ağlayan gözsüz qalar", ya "Məndən ötdü yoldaşıma dəydi -- guya ki, saman çuvalına dəydi" kimiləri dərguş olubdur və müsəlman qardaşlar onların məzmununca yek-digəri ilə rəftar etməkdədirlər. Bu minval üzrə bizlər öz dairəmizdən kənara çıxmayıb, bir-birimizə tələ qurub, şəxsi mənfəətimiz üçün bir-birimizin ayağını çəkməkdə, bir-birimizə quyu qazmaqda ikən qeyri millətlər gəlib bizi tapdalayıb keçib gediblər. Qəzetəmizdə "Ordan-burdan" yazan "Filankəs"in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. Bizlər uzun-uzadı xabi-istirahətə məşğul ikən qonşularımız hünər və mərifət kəsb edib "fil" yaradıblar. İndi biz nəinki fil, hətta siçan qayırmaqda dəxi aciz və bacarıqsızıq. Bacarıqsız olduğumuz hər məqamda və hər qədəmdə büruzə çıxır. "Filankəs"in sözünün haqq olmasına "Novosti Zaqafqaziya" qəzetəsinin Naxçıvan müxbiri yazdığı fəqərə şəhadət verir. Əhvalat bu üzrədir ki, Naxçıvan nücəba və rəisləri Naxçıvanda progimnaziya açmaq xəyalına düşürlər. Çox gözəl niyyət! Naxçıvan İrəvan şəhərindən yüz əlli verst kənardadır. Onun yaxınlığında Ordubad, Culfa, Şahtaxtı, Əylis kimi əhalisi çox mərkəzlər olduğuna binaən bu yerlərin xalqı, əlbəttə, uşaqlarını Naxçıvan progimnaziyasına təlim almağa qoyarlar, bir də İrəvana göndərməzlər və gələcəkdə progimnaziya gimnaziyaya dəxi təbdil ola bilər. Qərəz, sözümüz burada deyil. Bu məsələni həll etmək üçün şəhərin böyükləri və başbilənləri kərrat ilə biçarə əhalini məsləhət və məşvərətə toplayırlar, hər dəfə də məclisə cəm olanlar danışıb-danışıb öz işlərinin dalınca gedir, bu xeyir işin xatirəsi üçün Naxçıvanda sabiqdə uyezdni naçalnik olanlardan birisini şəhərdə qiraətxana açmaq üçün yığdığı beş min manatı da kargüzarlar yəditəsərrüflərinə alır ki, mənzurədə olan progimnaziyanın ehtiyacatına sərf etsinlər. Əfsus ki, o vaxtdan indiyədək hər yerdə çox işlər olubdur, çox sular axıbdır; amma Naxçıvanda bu hala kimi nə progimnaziyadan bir xəbər və nə puldan bir əsər var.... İş bu hal üzrə ikən progimnaziya açmaq xəyalına düşən cənablar şəhərdə çoxdan bəri açılmış iki sinifli rus-müsəlman şkolasının bir klasının pulsuzluqdan bağlanmağını, mübtədilər üçün güşad olunmuş pansionun yenə pulsuzluqdan qapanmağını və şəhər məktəbindən (qorodskoy şkoladan) müəllimlərin pulsuzluqdan qaçmağını görmək istəmirlər. Burada doğrudan da demək olur ki, naxçıvanlıların həzar zəhməti ilə qayırdıqları "siçanı" bimürüvvət pişik qəflətən sıçrayıb yeyir. Bizim, camaat, işlərimiz hər yerdə bu sayaq ilə getməkdədir. Bəs nə eləmək, nə çarə qılmaq? Bu suala gələcək məqaləmizdə cavab verərik. 2 İrəliki məqalənin axırında qoyduğumuz suala cavab verib bunu demək istəyirik ki, biz müsəlmanlar ki, yenicə qəflətdən ayılmağa, tərpənib hərəkət etməyə meyl və rəğbət göstəririk, yenicə mənəvi həyata övdət etmək asarı bizlərdə müşahidə olunur. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. Mərəzi-millimizi diqqəti-tam ilə təhqiq edib üsuli-tədavisinə məşğul olaq, tərəqqi və təməddünümüzə bais olan alat və əsbabın cəm və tədarükünə sərfi-hümmət edib, həməvaxt aramsız səy və təlaşda, iztirab və təşvişdə olaq, ta ki, bizi qəflət yuxusunda qoyub, təyy-mənazil edən karvana vasil olaq. Əlbəttə, birdən-birə quş olub havada uçmaq olmaz! İndiyə kimi vaxtını kəsalət və bətalətdə keçirmiş heç bir şeyi özündən ixtira etməmiş, heç bir şeyi vücuda gətirməmiş bir tayfaya nəinki havada uçmaq, bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır. Bu halımızda nəinki "fil" yaratmaq və xariqüladə bir şey əmələ gətirmək, bəlkə siçan misilli balaca şeylər də törətmək bizə müşkül olacaqdır. Lakin hər şeyi--ağla və zəhmətə, hümmət və qeyrətə tabe olduğu üçün--bir tərəfdən hümmət və qeyrətlə, digər tərəfdən də, ağıl, elm və nuri-mərifət ilə az vaxtın zərfində çox hünərlər meydana gətirmək olar, çox şeylərə müvəffəq olmaq mümkündür. Bunun imsalı, yəni adı-sanı, hörməti və qüvvəti olmayan bir qövm və tayfanın, müddəti-mütəmadi ömrünü zillət və qəflətdə keçirmiş bir millətin ayılıb, az vaxtda tərəqqi etməsi, şan və hörmət, mal və dövlət kəsb etməsi tarixdə görünmüşdür. Uzağa getməyib və Yaponiya kimi bizdən bəid olan bir dövlətin azacıq vaxtda sürətlə tərəqqi tapmasını kənarda qoyub, öz qonşumuz erməni tayfasının bu axır vaxtlardan bəri, iyirmi-otuz ilin müddətində vüquə gələn ittihad və ittifaqlarına, tərəqqi və təməddünlərinə diqqət yetirsək, yəqin edərik ki, hər bir şey hümmət və qeyrətə, elm və biliyə bağlıdır. Dünyada elə bir şey yoxdur ki, mükərrəm və müəzzəz yaranmış, əqli-səlim ilə müəyyid olmuş insanın qüdrət və bacarırından xaric olsun.... İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. Onun doğru və həqiqi müalicəsi elm və tərbiyədir. Ona binaən hal-hazırda hər şeydən artıq ehtiyacımız elm və ədəbədir, mərifət və kəmaladır ki, bunları təhsil etməmiş məişətimizi qayda və nizama salmayacağıq. Bu mərəz, yəni cəhalət təzə mərəzlərdən deyil, çox zamandan bəridir ki, bədənimizə sirişt və ruhumuza qalib olubdur. Bu o mərəzdir ki, Seyid Şirvani onun əlindən fəryad edib, rüəsayi-millətə hali-dilini söyləmişdir: Dadü fəryad, ey güruhi-üzam, Oldu zaye bu milləti-islam. Günü gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim, olur hadis, Ona bielmlik olur bais, Bir bəladır bu dərdi-nadani Ki, onun elm olubdu dərmani. Mərhum Seyid dəxi bu mərəzin illətini elmsizlikdə və çarəsini elm təhsil etməkdə görüb izhari-təəccüb edir ki, nə üçün bu mərəzin, yəni biçarə və sahibsiz millətin səhhətinə çalışan və can yandıran yoxdur. Bu təəccübdür, ey güruhi-bəşər, Bir kişi yatsa, naxoş olsa əgər, Axtarır bir təbibi-danadil, Ta ki, söhbət ona ola hasil. İndi naxoşdu milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər istəyir tərəqqiyi-tam, Qaldı zillətdə firqeyi-islam.... Aya, kimlər və nə vəsilələr ilə millətimizin bu naxoşluğuna gərək müalicə eləsinlər və onları cəhalət qaranlığından elm və mərifət işığına çıxartsınlar? Bu xüsusda gələcək məqaləmizdə danışarıq. 3 MÜƏLLİMLƏRİMİZ VƏ ONLARIN HALI Ruhani atalardan sonra cəhaləti-millət ilə müttəsil cəngə müsəmməm olan, elm və maarif qapılarını millət üzünə açan ikinci firqə hər millətin içində müəllimlər firqəsi olubdur. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər. Keçən on doqquzuncu əsrin 70-ci sənəsində almanların firənglərə qalib gəlməyi onların müəllimlərinə isnad olduğunu təsdiq edib, qəti surətdə deyə bilərik ki, miləli-müxtəlifə arasında hər zaman və məkanda vüquə gələn hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimləri sayəsində nüsrət tapmışlar və qalib gəlmişlər. Bu bir vazeh əmr olduğu üçün bu barədə artıq danışmağı lazım görmürük. Vəli biz Rusiya müsəlmanları müddəti-mədid müəllimsiz və mürəbbisiz qalıb, tərəqqi yoluna salik olan mütəməddin millətlərin qatarından üzülüb geridə qalmışıq. Uzun müddətlər əbnayi-millətə qaydasınca təlim və tərbiyə verən müəllimlərimiz olmadığına görə belə pərişan hala düşmüşük. İyirmi beş-otuz sənə bundan müqəddəm övladımızın tərbiyə və təlimi bilkülliyyə üsuli-təlimdən bixəbər və adabi-tərbiyədən bihissə olan məktəbdarların əlində idi. Ətfali-müslimin gözəl ömrlərini qaranlıq və nizamsız məktəblər güncündə, quru həsirlər üstündə keçirib, neçə sənələr ərzində çox az və heç şeyə yaramayan biliklər kəsb etməyə qadir olurdular. Təlim və tədris üçün ana dilimizdə kitablarımız olmadığına görə müəllim əfəndilər fars və ərəbdən hansı kitabı xoşlasa idilər, şagirdlərinə ondan dərs verərdilər. Milli məktəblərimizin pərişan halını və üsuli-tədrisin biüsul və binizam olduğunu, təlim kitablarımızın tərifini o vaxtın şairi-binəziri Hacı Seyid Əzim Şirvani ədibanə nəzmə çəkmişdir ki, onlar ilə oxucularımızı münasib məqal olduğu üçün aşina etməyi lazım gördük. Şair mərhum Həsənbəy Məlikova xitabən yazmışdır: Məhsina! Ey fəda olum sənə mən. Etdiyin fikri-bikrə səd əhsən! Bilməyən yoxdu kim, bu mənanı-- Tərbiyət kamil eylər insanı. Tutalım, gəldik əmrə mərdanə, Baxmadıq tənü ləni-nadanə. Tutalım, eylədik bu əmrə tifaq, Tərbiyət biz gərək ki, kimdən alaq? Hansı məktəbdə fövci-ətfali Hansı bir elmdən edək hali? Məktəbi-tibb, ya ki, hikmətdən, Ya ki, hərbiyyə, ya ki, hirfətdən? Necə kim, ol "Vəkili-naməlum" Eyləmişdi bu nüktəni mərqum. Əvvəla, bizdə yox o məktəblər Ki, verə kəsbi-elmi xalqa səmər. Nə o gunə kitablər əlan Ki, ola öz lisanımızda bəyan. Bizə hasil nə şey olur yoxdan Ki, itibdir kitabımız çoxdan. Hanı bizdə "Xülasə"nin səməri? Hanı "Cəbrül-müqabil"in xəbəri? Səhl dillərdə elmi-heyət yox, Cəmü təfriqü zərbü qismət yox. Nə təqiyyə, budur sözün safi, Küfrdür bizdə elmi-coğrafi. Elm evi oldu ol zaman bərbad Ki, etdi rehlət xəlfeyi-Bağdad. Hər vilayətdə var beş-on məktəb, Edirik kəsb onda elmü ədəb. Məktəbin fərşi altı köhnə həsir. Neçə ətfali-müztər onda əsir. Dərsimizdi kitabi--"Gürbəvü muş", "Nəqli-həmdunə", "Qisseyi-xərguş". Oxuruq çox tərəqqi etsək əgər, Cümlə "Tarixi-Nadir"i əzbər. Bixəbər elmi-paki-hikmətdən, Bisəmər cadeyi-şəriətdən.... Keyfiyyəti-hal bu qərar üzrə olduqda, təlim və tədris işləri belə çətin və narəftə yollar ilə getdikdə, əlbəttə, millətin ruhani tərəqqisi, elm və biliyi, mərifət və kamalı artıq dərəcədə ola bilməzdi. Amma bununla belə bu övzasi dağınıq olan məktəblərdə zəif halda olmuş olsa da, mərifət işığı görsənirdi. Bu məktəblərdən Qasımbəy Zakir, Abdullabəy Asi, Hacı Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Kazım ağa Salik, İsmayılbəy Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi xoş təb şairlər və dəqiq ədiblər hasilə gəlmişdir. Bu hal bir tərəfdən də, söz yoxdur ki, millətimizin qabili-mərifət və sahibi-istedadi-cibilli olmağına şəhadət verir. 1879-cu ildə, otuz sənə bundan əvvəl Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı və iki sənə bundan sonra 1881-ci ildən bu darülmüəllimindən tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. Mübtədilərə üsuli-sövti ilə ki, "üsuli-cədid" adı ilə məşhurdur, təlim verməyin binasını Zaqafqaziya müsəlmanlarının içində qoyan müsəlman şöbəsində müəllimlik elmini tamam edən cavanlar olubdur. 1881-ci sənədə kurs tamam edən üç nəfər şəxs üsuli-cədidin qaydasını şöbənin əvvəlinci naziri mütəvəffi Çernyayevskidən əxz etmişlər. Şöbənin cünbündə tərbiyə alan mübtədilərə üsuli-sövti ilə əvvəlcə dərs verən Çernyayevski özü olubdur. Çünki o vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. Çernyayevski mübtədilərə verdiyi dərslərdən məşhur "Vətən dili" kitabçasını təcrübə üzü ilə tərtib qılmışdır. Məzkur üç nəfər müəllimlərdən biri mərhum Mirzə Əli Məhəmməd Xəlilov İrəvan quberniyasında, Naxçıvan şəhərində və Baş Noraşen qəryəsində, mərhum Səfərəlibəy Vəlibəyov Gəncə quberniyasında, Şuşada və cənab Teymurbəy Bayraməlibəyov Lənkəranda üsuli-cədid ilə dərs deməyin binasını qoymuşlar. O vaxtlarda şkolalarda 1881-ci ildə namestnik təsdiq etdiyi "uçebni planın" proqramı ilə dərs deyilirdi; yəni əvvəlcə təlim ana dilində, sonra rus dilində icra olunurdu. Amma bir vaxtdan sonra bu "uçebni plan" tədriclə qüvvətdən düşüb bilmərrə unuduldu və ana dilinin təlimi şkolalardan götürüldü. 1881-ci ildən indiyə kimi, yəni iyirmi yeddi ilin ərzində Qori darülmüəlliminindən 150 nəfərə kimi müəllim çıxıbdır. Müsəlman şöbəsinin güşadından iki-üç il sonra İrəvanda dəxi bir darülmüəllimin açıldı. Amma burada müsəlman şagirdlərinin ədədi çox az olmağa görə buradan ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. Bunlardan əlavə, keçən əsrin həştadıncı sənələrində Tiflisdə Aleksandrovski institutundan beş-altı nəfər şəhər müəllimi təhsili-elm edib kurs qurtarmışdı. Bu müəllimlərdən möhtərəm bəradərlərimiz Sultan Məcidbəy Qənizadə və Həbibbəy Mahmudbəyov Bakı şəhərində bir məktəb açıb, təzə üsul və qayda ilə onda dərs deməyin binasını qoymuşlar. Demək olar ki, bu müəllimlərin Bakıda təsis etdikləri məktəb indiki rus-müsəlman şkolalarının anası mənziləsindədir. Lakin o vaxt da maarif naziri olan Delyanovun tədbiri və binagüzarlığı ilə müsəlmanlardan şəhər məktəblərində müəllim olmaq ixtiyarı alındı. Buna binaən müsəlmanlardan instituta daxil olmaq rəğbəti kəsildi. Belə ki, 1888-ci ildə qızıl medal ilə institut kursunu tamam edən cavanlarımızdan cənab Hacı Rəhimbəy Qayibova şəhərdə yer verilməyib, İrəvan uyezdində Uluxanlı qəryəsinə müəllim təyin olundu. O da bir-iki sənə kənd müəllimliyi edib, özü üçün bir tərəqqi yolu görməyib, Okrujnoy sud məhkəməsinə qulluğa girdi. Belə ki, iyirmi yeddi sənənin ərzində dövlət tərəfindən açılmış darülmüəlliminlərdən 200-ə qədər müəllimlər çıxıbdır. Qafqazın üç milyona çatan müsəlman əhalisinin təlim və tərbiyəsinə mübaşir olmaq üçün iki yüz nəfər müəllim--dəryaya nisbət bir qətrə mənziləsindəndir desək, mübaliğə etmiş olmarıq. Ötən məqaləmizdə dövlət tərəfindən açılmış darülmüəlliminlərdən iki yüz nəfərə kimi kurs qurtarmış müəllimlərin tamami Qafqaz müsəlmanlarının təlim və tərbiyəsi üçün kifayət etmədiyini bəyan etmişdik. Məlum ola ki, bu iki yüz müəllimlərdən bu anacan bir neçəsi dari-bəqayə rihlət edib, rəhməti-həqqə vasil olmuşlar. Hali-həyatda olanların da bir sülsi müəllimlik kimi nə qədər müqəddəs də olsa ağır və çətin bir peşəyə, qədr və qiyməti bilinməyən və nəzərdə istiqbalı olunmayan bir sənətə tab gətirməyib, iki-üç sənə müəllimlik etdikdən sonra qeyri bir mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların dalısınca gediblər. Müəllimlikdən hər qisim mənsəblərə: polisiya qulluğuna, mütərcimliyə, sekretarlığa, müxtəlif məhkəmələrdə və mütəəddid dəftərxanalarda cürbəcür xidmətlərə girəni olubdur. Müəllimlikdən hətta aksız qulluğuna da keçəni olubdur. Əlbəttə, o kəslər ki, müəllimlik kimi möhtərəm və müqəddəs xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər, ümumi xidməti əda etməkdən, millətə qulluq eləməkdən boyun qaçırıblar. Vəli maddi tərəfdən və dolanacaq sarıdan bunlar zirək və durbin olublar. Zira müəllimlərə nisbətən bunlar artıcaq rahat və mürəffə-hal güzəran etməkdədirlər. Müəllimlik peşəsinə müdavimət edib, onun zəhmətinə qatlanıb qalanların halı və güzəranı ziyadə üsrət və məşəqqət ilə keçibdir və keçməkdədir. Bunlardan dəxi artıq bacarıqlı və zirək olanları dolanacaqlarını bir növ yüngülləşdirmək üçün kəndlərdə qulluq etməyə qane olmayıb şəhərə keçiblər. Şəhərlərdə müəllimlik məvacibi kənd müəlliminin məvacibindən bir az artıqdır və həm də burada sair mənbələr də vardır ki, onlardan təhsili-məaş etmək mümkündür. Bunlardan əlavə, şəhərlərdə əsbabi-tərəqqi və maarif həmə vaxt müyəssər olduğu üçün və ünsiyyət etməyə müvafiq yar-yoldaş tapıldığı üçün şəhərdə təlim almış cavanlara şəhərdə də güzəran etmək xoş keçir. Bu səbəblərə görə müəllimlərin çoxu kəndlərdən qaçırlar. Necə ki, bu barədə üç sənə bundan əvvəl "İrşad" ruznaməsinin səhifələrində yazmışdıq, indi dəxi haman mətləbi təkrar edib deyirik ki, kəndlərimiz müəllimsiz və mürəbbisiz qalıbdır. Üç yüz, dörd yüz və daha ziyadə nüfuslu qəryələrimizdə məktəb və məsciddən bir əsər də yoxdur. Mayeyi-zindəganlığımız olan dəhat əhllərinin və rəiyyət tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz və pərəstarsız qalırlar. Cəhalət və onunla bahəm yoxsulluq və qorxu get-gedə artıb çoxalır, qeyri millətlər tərəqqi etdiyi halda biz tənəzzül edirik. Zaqatala okruqunda iyirmidən ziyadə dörd-beş yüz nüfuslu böyük kəndlər vardır ki, heç birində məktəb və mədrəsə yoxdur. Belə dövlətli və məhsuldar mahalın, bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri olmazdı və qızıl-gümüş içində dolanardılar. Vəhalonki avamlıqları ucundan öz torpaqlarından mənfəətbərdar ola bilmirlər. Qızıl və gümüş axıb, kənardan gəlmələrin, xaricilərin torbalarına tökülür, amma yer və mülk sahibləri ehtiyacın içində zillət ilə güzəran edirlər. Habelə Nuxa uyezdində, xüsusən, Qəbələ mahalında, İrəvan uyezdində Zəngibasarda, Şırıldərə, Ləgiz uyezdində, Şuşa və Cavanşir uyezdində, xüsusən Tərtərbasarda və sair. Bunlar misilli ziyadə məhsulat yetirici və meyvəcat yetirici yerlərdə əhali elmsizlik cəhətindən fəqir və zillətdə dolanmaqdadırlar. Tərbiyə almış və kamali-təhsil etmiş cavanlarımız qaranlıqda qalan qardaşlarına işıq salmağı və onları qaranlıqdan işığa çıxartmağı özlərinə borc hesab etməyib, hər bir nəhvlə çalışırlar ki, kəndlərdən qaçıb uzaqlaşsınlar. Kəndlərdə öz qəzalarına razı olub qalan müəllimlərimizin ədədi altmış-yetmişdən ziyadə deyil. Bunlardan ancaq bir neçəsi öz vəzifələrini kamalınca düşünüb, cani-dildən intişari-maarif yolunda çalışırlar və millətin ayılıb tərəqqi etməsinə səmimidildən xidmət edirlər. Bunların zəhmətlərinin səməri görünməkdədir. Amma mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. Bunlardan əksəri iki-üç sənə az-çox həvəslə təlim və tərbiyə işlərinə məşğul olub, sonralardan yavaş-yavaş öz peşələrinə soyuyurlar, təlim və təəllümə rəğbətləri kəsilir, mütaliəyə həvəsləri olmayır, ruhlarının, əql və əxlaqlarının tərbiyəsinə bilmərrə məşğul olmayıb, bilaixtiyar özlərinin xəbəri olmaya-olmaya geri gedirlər və avam halına düşürlər. Belə müəllimlərdən neçələrini tanıyıram ki, bir dəfə də əlinə qəzet alıb oxumur, övzai-zəmanədən fil-cümlə xəbərdar olmağa şövq və həvəs göstərmir, şkolanın adına göndərilən kitablar başı bağlı qalıb kəsilmir və ruznamələr qurşaqdan çıxmır. Bu cənablar gündə iki saat könülsüz dərs deməyə iktifa edib, yerdə qalan vaxtlarını öz məxsusi işlərinin, kəsbkarlarının üstündə keçirirlər. Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. İldə ya iki ildə bir dəfə inspektor təftiş üçün şkolaya təşrif gətirir, onu da bir sayaqla razı edib yola salırlar və yenə öz bekarçılıqlarına məşğul olurlar. Amma çox ittifaqlarda inspektor, direktor müsəlman müəllimlərindən narazı qalıb, onların tənbəlliyindən və karsızlığından şikayət edirlər. Münsif və haqqı inkar etməyən müəllimlərin bir neçəsindən eşitmişəm ki, öz dilləri ilə iqrar ediblər: "Bəli, doğrudur, biz iş görmürük və cani-dildən müəllimlik etmirik və bizim şkolaların xali qalmağına əksər övqat səbəb özümüz oluruq, çünki müəllimlik də bizə bir şey vermir". İşlər bu minval üzrə getdikdə, əlbəttə, müəllim camaatın gözündə hörmətdən düşür və onun üçün qəlblərdə bir məhəli-etina və məqami-məhəbbət qalmır və onun məktəbinə uşaq verən olmur. Elə şkolalar var ki, onda bütün il sərasər beş-on uşaqdan ziyadə şagird olmur. Əlbəttə, kəndlərdə müəllimlik etmək yüngül və asan iş deyil. Xüsusən, müsəlman kəndlərində: bir tərəfdən, divan əmələsi tutduğu xilafi-zakon işlərin bərəkətindən, digər bir tərəfdən, şikəm güdən və fanatik mollaların xilafi-şəriət işlətdiyi əməllərin və söylədiyi vəzlərin təsirindən və bunlar ilə bahəm işıqdan qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar-bəylərin və ağaların mərhəmətindən bir növ əxlaqsız olublar, elm və ədəbə meyl və rəğbət göstərməyirlər; şkolaya ayrı gözlə baxırlar və müəllimlərə çəndan etina və ehtiram olmayır. Çox kəndlərdə biçarə müəllimlərin halı ziyadə çətinlik ilə keçir və bu xüsusda "Qafqaz" ruznaməsinin 25-ci nömrəsində "İbtidai məktəblərin qüsuru" ünvanı ilə yazılmış məqalədə haq sözlər çoxdur. Və lakin bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər.... Müəllim məktəbin canı və içində olduğu camaatın çırağı məqamındadır. Müəllim öz şüğlini sevsə, öz şagirdlərini övladı kimi istəsə, onların təlim və tərbiyəsinə can yandırsa, əhalinin gözünü açmağa və xeyir yetirici biliklər ilə cəhalət pərdəsini yırtmağa sərfi-hümmət etsə, bilaşübhə, böyük kəramətlər göstərər və cümlənin rəğbət və məhəbbətinə məzhər olar. Hər bir şey məhəbbətə bağlıdır. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan, hər bir şeyi gözəl, məqbul və nurani edən məhəbbətdir! Heyfa ki, bu ali və pakizə hiss, bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur; heyfa ki, nə ev tərbiyəsində, nə məktəblərdə və məscidlərdə və nə də camaatımızın içində məhəbbət atəşini bizim ürəyimizdə yandıran olmayıbdır. Müəllim məktəbin canı olduğunu və məhəbbət ilə çox işlər açdığını əcnəbi qövm və tayfaların içində görürük. Bizim müsəlmanlar dəxi belə həqiqi millət xadimlərindən məhrum deyillər. Kənd müəllimlərinin içində İsabəy Abakarov, Əhməd ağa Mustafayev kimi bir neçə möhtərəm şəxslər var ki, həqiqətdə millət xadimi olub, cani-dildən təlim və tərbiyə işlərinə ömürlərini sərf ediblər. Bunlardan hər birisi iyirmi ildən ziyadədir ki, müəllimlik etməkdədir. Bunlar qulluq sarıdan artıq bir tərəqqi etməyiblərsə də və tərəqqi etmək qeydinə dəxi düşməyiblərsələr də, camaatın məhəbbətinə şayəstə olublar. Hansı kənddə müəllimlik ediblərsə, orada mərifət çırağını yandırıb, əhalinin gözlərini açıb, mənəvi tərəqqilərinə bais olublar. İsabəyin təhti-tərbiyəsində yüzlərcə rəiyyət balaları çıxıb, kamali-təhsil edib, çörək sahibi olubdur. İsabəy çox fəqir şəxslərin övladına atalıq edib, azacıq məvacibindən onlara xörək və puşak verib oxudubdur. İmtahan mövsümündə onları öz xərci ilə Tiflisə, Gəncəyə, Qoriyə göndərib və çox vaxtı özü aparıb bəzisini sənət məktəbinə, kimisini feldşer şkolasına, kimisini seminariyaya və hətta bir neçəsini gimnaziyaya qoyubdur. İsabəyin haqqı bizim üstümüzdə çoxdur. İsabəy bizim Pestalotsimiz məqamındadır. Və lakin belələri çox azdır, beş-on nəfər ancaq tapılar. Yerdə qalanları öz şüğllərinə soyuyubdur, ürəklərində olan atəş sönübdür və hər şeyə həyat verən məhəbbət çeşməsi quruyubdur. Bəziləri bizim müəllimlərin öz şüğl və sənətlərinə nisbətən izhar qıldıqları soyuqluq və kəmetinalığı onların təlim alıb kursu tamam etdikləri məktəblərin qüsuruna həml edirlər. Çoxları bu əqidədədirlər ki, darülmüəlliminlər elmli, ləyaqətli və öz işini yaxşı bilən müəllimlər hazırlaşdırmır. Bu rəy və əqidələrdə, əlbəttə, doğruluq asarı çoxdur, öz tərəfimizdən biz deyə bilərik: nəinki bir kənd müəllimləri hazırlaşdıran, hətta şəhər məktəbləri və gimnaziyalar üçün qabil və mahir müəllimlər yetirən darülmədrəsələr və ali məktəblər yoxdur. Buna baş və ümdə səbəblərdən birisi də budur ki, məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur, məmləkətimizdə qədim zamandan bəridir ki, məişət öz yolu ilə, məktəb dəxi öz çığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır, bir-birinin qeydinə, dərdinə və ehtiyacına mültəfit olmayıblar; məktəb öz başına qalıb, yaxşı-yaman öz işinə məşğul olubdur. Məişət dəxi məktəbin varlığından və yoxluğundan xəbərdar olmayıb, onun nədən ötrü, nə işin xatirəsi üçün və hansı ehtiyacın rəfi üçün bina olduğunu əsla nəzərə almayıb, öz yolu ilə gedibdir. Rusiya dövləti əksər ittifaqlarda Avropa mədəni millətləri arasında filan növ mədrəsələr və filan qisim məktəblər var, bizdə də olsun deyib, öz millətinin dərəcəyi-kamalını, təbiət və xasiyyətini və zəruri ehtiyaclarını nəzərə almayıb, məhz bir "moda" üçün məişətə uymayan və yaramayan məktəblər açıbdır. Amma lazım olanların qeydinə və fikrinə qalmayıbdır. Belə ki, qədim zamandan bəridir ki, məktəb məişətin rəfi-ehtiyacı və tərəqqisi üçün olmayıb, ziynət və bəzəyi üçün xəlq olunubdur. Bu illətdən naşidir ki, məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəf edici və millətin tərəqqi və səadətinə səbəb olucu adamlar yetirə bilməyir. Belə olan surətdə şək yoxdur ki, darülmüəlliminlərimiz və darülmədrəsələrimiz dəxi bu zikr olunan təsəvvürdən ari və bəri deyil. Bununla belə, bizim əqidəmizə görə, tamam müəllimlərin bilümum və kənd müəllimlərinin bilxüsus öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır. Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizət etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi çalışar ki, özgə bir xeyirli işin və mənfəətli kəsbin dalısınca getsin. Mənim əhibbalarımdan institut qurtarmış bir nəfəri-qabil və qeyrətmənd şəhər məktəblərinin birisində on il sərasər qulluq edib, ildə 4 yüz manat məvacib almaqla bir növ güzəran edirdi. Bu şəxs nə qədər cani-dil ilə ibtidada qulluq əmrlərini yerinə yetirdisə də, bir o qədər də axırlarda soyuyub, təlim və tədris işlərinə həvəsdən düşmüşdü. On ilin ərzində buna müəllimlik yeri vermədilər, ancaq müəllimə müavin olub, dörd yüz manatdan ziyadə məvacib ala bilmədi. Axırda özü qulluğundan şikayət edib, mənə hali-dilini söylədi ki, "filankəs, bu qədər zəhmət və əziyyətin müqabilində bir tərəqqi yolu görməmək, əliboş, üzü qara qalmaq hər kəsi rəğbətdən salar və incidər. Bir yandan əhli-əyalın fikri, bir yandan övladın tərbiyə əndişəsi şu ismi bu növ pərişan edibdir ki, müəllimlik fikri və təlim-tədris işləri mənim üçün axırkı məsələlərdən birisi olubdur. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edəyim: başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. Ondan aşağıdakı mərtəbədə yar və düyü əndişəsidir. Ondan da aşağıda odun və kömür dəğdəğəsidir; lap axırıncı mərtəbədə olanı şagirdlərin hesab və yazı dəftərləridir ki, sabaha gərək onları düzəldəm. Həqiqəti-əmrdən bizimki müəllimlik deyil, çərçilikdir. Şeyx Sədi əbəs deməyibdir: Qəme-fərzəndo nano caməvo qut Baz darəd ziseyr dər mələkut. Həme ruz ittifaq misazəm Ke, beşəb baxuday pərdazəm. Şəb ki, əqde-nəmaz mi bəndəm, Çe xurəd bamdad fərzəndəm. [2] [2] Tərcüməsi: Övlad, çörək, paltar və azuqə dərdi. Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar. Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim. Gecə ki, namazla məşğulam, bəs səhər çağı uşaqlarım nə yesin? "Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əqli-səlimdən bəiddir". Məzkur müəllim on ildən ziyadədir ki, müəllimlik peşəsini tərk qılıb, ticarət əmrinə məşğuldur və bu halda güzəranı xoş və rahat keçir, müəllim olduğu vaxtda çəkdiyi darlığı və ürək sıxıntısını indi çəkmir və məqamı düşdükcə millətə dəxi qövlən və felən xidmətini müzayiqə etməyir. Bu minval müəllimlikdən bizar və dilgir olub qaçanların və əli çörəyə çatanların ədədi az deyil. Tamam Rusiyada müəllimlərin haqqında görsənilən həqarət və ədalətsizlik "Novoye vremya" kimi bir darməslək və mühafizəkar qəzeti dəxi dilə gətirmişdir. "Novoye vremya" edadiyyə məktəblərində, gimnaziyalarda qulluq edən müəllimlərin halına yanıb təkid edir ki, onların zəhməti azalıb, məvacibləri çoxalsın. Qəzetə gimnaziyalarda qabil və mahir müəllimlərin olmadığını bu illətdən görüb deyir: "Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı sahibi-ixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir və cərəs sədası kimi biyabanda məhv və nabud olubdur". Gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb, necə ki, yuxarıda işarə etmişdik, bunları hazırlaşdıran və kamil müəllim yetirən darülmüəlliminlərin yoxluğudur, o institutlar və darülülumlar ki, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmamışdır. Onlarda pedaqogiya elminə dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogiya fənn və elminin babası sayılan Amos Komenskinin və Pestalotsinin adların da eşitmiş olsunlar. Bu qüsurun illətini "Novoye vremya" açıq yazır. O illət budur: Sabiqdəki maarif nazirlərinin ümdə fikri yaxşı müəllimlər və qabil müdərrislər yetirmək olmayıb. Onların fikir və xəyalı saldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. Onlardan məşhuru qraf Tolstoy müəllimlər yetirmək üçün cavan tələbələrə saldat kimi təlim verdirib, onların bədənlərindən müəllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffəq oldu. Delyanov bu yolda özündən təzə bir şey ixtira edə bilmədisə də, Tolstoy qoyduğu pürməşəqqət, sərt və müəllimlik vəzifəsinə müğayir qaydaları mühafizət etməyə cani-dildən çalışdı. Tolstoy və Delyanov kimi pedaqogiya elmindən bisəmər və insaniyyət aləmindən bixəbər şəxslər maarif vəziri olduğu halda, Piraqov kimi rəhmdil və məşhur pedaqoq kənarda qalıb unuduldu. Qəzetə nəticəyi-kəlamda bunu yazır ki, hərgah gimnaziyalarda qulluq edən müəllimlərin zəruri ehtiyacları rəf olunsa, məvacibləri artsa və zəhmətləri azalsa, onda hər bir müəllim bilaşübhə çalışıb səy edəcəkdir ki, öz vəzifəsini layiqincə əda etsin, mənsəbi xatirəsi üçün qulluğunda bir qüsur qoymasın. Söz yoxdur ki, gimnaziya müəllimləri az məvacib alır və əmri-maaşda qeyri çinovniklərə görə bir növ üsrət çəkirlər və lakin onlardan da artıq üsrət və zillət çəkən kəndlərdə və qorodskoy şkolalarda qulluq edən müəllimlərdir. Bu biçarələr ağır və pürməşəqqət zəhmətləri əvəzində bu bahalıq əsrində o qədər az məvacib alırlar ki, çoxusu təngə gəlib müəllimlikdən qaçır və qaça bilməyənləri də dilənçilik halında ömürlərini zaye edir. Bəs hər şeydən əvvəl və cümlədən müqəddəm gərəkdir bu binəvaların dərdinə çarə etmək və halına yanmaq. Yəqindir ki, maaş sarıdan bunların da ehtiyacı rəf olunsa və zəhmətlərinə görə bunlara da məvacib təyin olunsa, bunlar da çalışacaqlar ki, öz öhdələrinə götürdükləri təlim və tərbiyəyi-ətfal kimi mühüm əmri layiqincə ifa eləsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbət göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar. * * * Mirzə Fətəli Axundov Mirzə Fətəli Axundov (1811 -1878) Milli ədiblərimizin atası, təmsilat (dram) yazanlarımızın ustadi-kamili, ədəbiyyatımızın fəxri, şəkkü şübhəsiz, mərhum Mirzə Fətəli Axundovdur ki, onun qələmindən ədəbiyyatın hər növ əsərləri vücuda gəlibdir: bimisl komediyalar, tənqidə dair gözəl məqalələr, abidar şerlər, fars və türk dillərində şirin hekayələr və qeyriləri. Mirzə Fətəlinin təbində elə bir zəriflik, yaratmaqlıq qüdrəti, yoxdan vücuda gətirməklik qüvvəsi var imiş ki, bunun misli az mühərrirlərdə müşahidə olunur. Bu bir allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. Mərhum Mirzə Fətəliyə haqq-taala belə gözəl təb ilə belə ziyadə xoş xasiyyət, əqli-səlim, açıq fikir, artıq fərasət və zəkavət dəxi mərhəmət qılmışdır. Heyrət etməli bir sirrdir: istədiyinə basa-basa verir, istəmədiyinə heç zad vermir. Mərhum Mirzə Fətəli Axundov təvəllüd edibdir Nuxa şəhərində, tarixi-məsihiyyənin 1811-ci sənəsində, vəli təvəllüd günü və ayı məlum deyil. Altı-yeddi sinndə Mirzə Fətəli ata və anadan məhrum olub yetim qalır. Bu fəna halda qaldığı əsnada onun dayısı axund Hacı Əli Əsgər həmşirəzadəsini öz himayəsi altına alıb, təlim və tərbiyəsinə məşğul olur. Məzkur axund isə öz vaxtının möhtərəm və fazil üləmasından biri hesab olunurmuş. Bu möhtərəm alimin təhti-nəzarətində Mirzə Fətəli müsəlmanca binalı təlim alıb, türk, fars və ərəb dillərini öyrənir. Axund Hacı Mirzə Əli Əsgər həmşirəzadəsinin, xüsusən, ərəbcə oxuyub kamil olmasına diqqət yetirirmiş, bu qəsd ilə ki, gələcəkdə Mirzə Fətəlini ruhani mənsəbinə hazırlaşdırsın. Amma iş özgə sayaq üzrə gedir və mirzəyi-mərhumun ruhani olmağı baş tutmur. Vaxta ki, Mirzə Fətəli 17 sinnə yetişir, onun dayısı həcc ziyarətinə getməli olur və bacısı oğlunu özü ilə götürüb, Gəncə şəhərində rəfiqi axund molla Hüseynin yanında qoyur ki, məzkur axund ona ərəb dilini təlim etsin. Burada Mirzə Fətəli məşhur Mirzə Şəfi ilə görüşür. Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini görüb və gözlərindən yağan anlaq və mərifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüquə gəlməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Məlum ola ki, Mirzə Şəfi təbi-səlim sahibi və ülumi-mütənəvviəyə dara bir vücud imiş ki, əşari-abidarı və asari-fəlsəfəsi ilə Avropada, xüsusən, Almaniyada iştihar bulmuşdu. Almaniyada onun asar və əşarının məcmuəsi nemsə dilinə tərcüməsi ilə Bodenştedt adlı alim bir şəxsin ehtimamı ilə təb olunmuşdur. Mirzə Şəfi ilə görüşdükdən sonra Axundov ruhani olmaq fikrindən bilmərrə daşınıb, Avropa mədəniyyəti ilə aşina olmaq niyyətinə və qulluq etmək qəsdinə düşür. Bu niyyətlərinə nail olmaq üçün dayısı həccdən müraciət edəndən sonra Mirzə Fətəli özü də Nuxaya gəlir və burada dayısının izni ilə təzə açılmış uyezdni şkola girib, can-dildən rusca oxuyub-yazmağa məşğul olur. Mərhum Rəşidbəyin verdiyi məlumata görə, Mirzə Fətəli uyezdni şkolanın elmini tamam edir. Amma Axundovun öz yazmağına görə, bir ildən ziyadə haman şkolada qalmır. Hər halda şkoladan çıxandan sonra Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan ilhah və iltica eləyir ki, onu qulluğa qoysun. Mərhum Hacı Mirzə Əli Əsgər bacısı oğlunun könlünü sındırmayıb, təvəqqeyinə əməl eləyir və onu özü ilə Tiflisə gətirir və burada rus dövləti tərəfindən təyin olunmuş Gürcüstan ümurinin baş hakimi Baron Rozenə ərizə verib, onu 1834-cü ildə əlsineyi-şərqi mütərcimliyinə qəbul etdirir. Baron Rozen cənabları cavan Fətəlinin haqqında ki, o vaxt 23 yaşında idi, artıq dərəcədə iltifatlar göstərərmiş. Belə ki, mərhum Axundov özü tərcümeyi-halını yazıb bu məqama gəldikdə baronun yaxşılıqlarını zikri-xeyir ilə yad edib deyir: "Bilmirəm hansı dil ilə bu sərdarın yaxşılıqlarını izhar və şükrgüzarını əda eləyim". Mirzə Fətəli bu qulluğunda ömrünün axırına kimi qalıb, sədaqət ilə öz vəzifəsini yerinə yetirir və bu ixlas və sədaqətin və hüsn xidmətlərinin əvəzində polkovnik çini və neçə-neçə nişanlar alır. Qulluq işlərindən fariğ olan zamanı asudə vaxtlarını rus kitablarının mütaliəsinə sərf qılıb, xeyli məlumat kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə, siyasi və iqtisadi elmlərə dair kitablar imiş. Mərhum bir neçə davalarda öhdəsinə həvalə olunmuş bəzi mühüm və ağır sifarişləri kamalınca yerinə yetiribdir. Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində, tarixi-məsihiyyənin 1878-ci sənəsində, fevral ayının 28-ci günündə, altmış yeddinci sinnində; dəfn olunubdur Tiflisdə müsəlman qəbristanlığında, cənabi-həqq təqsiratını bağışlayıb, rəhmətinə vasil eləsin. Amin! * * * * Mərhum Mirzə Fətəlinin fars dilində öz yazdığı tərcümeyi-halı 1887-ci sənədə "Kəşkül" qəzetəsinin 43, 44 və 45-ci nömrələrində dərc olunubdur. Mərhumun tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkə tərcümə edib, necə ki, var eynilə burada zikr edirik. Heyfa ki, "Kəşkül"ün 43-cü nömrəsi ki, onda Mirzənin təvəllüdündən 22 sinninə çatınca başına gələn qəzavü qədər yazılıbdır, tapılmadı. 44-cü nömrə axund Hacı Əli Əsgərin həccdən qayıtmağından başlanır, bu sayaq: "Əlqissə, ikinci atam Axund Hacı Mirzə Əli Əsgər həccdən müraciət elədi. Ondan sonra mən də Nuxaya gəldim və bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhayi-əleyhirrəhmənin "Xilasətül-hesab" adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım, çünki yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir olmadım. Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfərini mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artıb qüvvət tapsın. Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xasiyyətli olan bu əmir ikinci atamın iltimasını fovrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqında zahir qıldı ki, onları vəsf etməkdə acizəm. O vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının hüzurunda əlsineyi-şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm.... Xassə mütəvəffi general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyül-neməm olubdur və bu əmirü-kardan və rövşənzəmirin iltifatının vasitəsi ilə məndə müsənniflik qabiliyyəti büruz edibdir. Altı komediya--yəni təmsil--türk-Azərbaycan dilində təlif edib, hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub, əvəzində çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında ki, onun da banisi knyaz Vorontsov olubdur, səhneyi-tamaşaya qoydular, hüzzari-məclisdən çox afərinlər və təriflər eşitdim. Ondan sonra "Yusif şahın hekayətini" yenə türk dilində təsnif etdim. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq jurnallarında xeyli tərifnamələr yazılıbdır. 1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babində bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli dəlillər vasitəsi ilə sübuta yetirmişəm. 1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyi-əfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalımı elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Qruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliya və ərkanından təvəqqe eləsin ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər. Əlifbanın təğyiri babində tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədrəzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və Yusif şahın hekayəsin də nişan verdim. Kitabçamı sədrəzəm həzrətlərinin əmri ilə osmaniyyənin cəmiyyəti-elmiyyəsində mülahizə edib, hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur. Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan sağa yazıb, oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hərflərindən intixab edib, təzə əlifba tərtib eyləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanına yazmaq. Həqirin bu rəyini İstambul üləma və vüzərası öz fəhm və qanacaqlarına müvafiq görməyib, qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib, İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramimə çatmayıb, İstambuldan geri qayıtdım. Dövləti-Osmaniyyədə əgərçe müsəlman əlifbasını təğyir etmək fikrim qəbula keçmədi, amma bu zəhmətimin əvəzində mənə Məcidiyyə nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm baş ağrılığı olar. Müşarileh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənim ilə böyük ədavəti var imiş, vəli onun ədavətindən mən qafil idim və onu özümə dost hesab edib, evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dini və dövlətlərinin bədxahı nişan verdi. Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam, vəhalonki drama dair əsərlərin şərti və xüsusən komediyanın təqazası xəlayiqin eyblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir. Çün müşarileyh drama fənnini və onun şərtlərini anlamayır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir va hiylə və təzvirdən, büxl-həsəddən və hirs-tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur; ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğz və ədavətimdən naşıdır. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim. Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi-qərar üzrə sağdan sola yazmağı nişan verdim. Tehranda həmçinin mənim bu fikir və təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub, bir məqamda qərar tutmayıbdır. Digər əlifba məsələsinin üstündə qeyri bir kitabça yazıb öz dövlətimin böyüklərinin icazəsi ilə osmanlı dövlətinin sədrəzəmi olan Əli paşaya Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq osmanlı danişməndlərindən Suavi əfəndinin əlifba barəsində yazdığı tənqid (kritika) dəxi qoşulmuşdu. Vəli bu kitabça da bisəmər qaldı. Əlifbanın təğyiri xüsusunda bu qədər səy və güzarişim nəticəsiz qaldığını fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm. Bu macəradan sonra Rzaqulu xanın ki, "Hidayət" təxəllüsü ilə məşhurdur, "Rovzət-üs-səfaya" mülhaqat tərzində yazdığı tarixə müxtəsər bir (kritika) tənqid yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, Məliküş-şüəra ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb, öz aşinalarıma Tehrana göndərdim. Əlan ki, 1878-ci ildir, ömrüm altmışdan keçibdir və rus dövlətinin mərhəmətindən irəliki xidmətdə qalıb, onun lütf və himayətindən bəhrəməndəm". Mərhum Mirzə Fətəlinin öz yazdığından görünür ki, müsəlman əlifbasının təğyir və təbdili onun baş fikirlərindən olub, bu yolda artıq səy və təlaş etmişdir. Amma çifayda, bir tərəfdən, qəflət və cəhalət və digər bir tərəfdən, qərəzi-şəxsi büxl və həsəd bizim camaat və millət işlərinin çoxuna mane olduğu kimi, mərhum Mirzənin dəxi bu gözəl fikrinə mane olub, onun bu qədər çəkdiyi səy və zəhməti səmərəsiz qoyub. Əgər hürufatımızın qüsuru babində söz açıb mətləbə tul və təfsil versək, əsil mətləbdən bir az kənar düşərik və kitabçamızda o təfsilata yer tapılmaz. Vəli bununla belə bu mühüm məsələ barəsində dinməyib keçsək vicdanımız bizi rahat qoymaz. Əlifba xüsusunda filcümlə öz rəyimizi bildirmək istəyirik. Ərəbdən götürdüyümüz sillabi xəttdə o qədər qüsur və nöqsanat var ki, təhrirə sığası və təqrirə gələsi deyil və biz müsəlmanların tərəqqi və təala yolunda Avropa əhlindən dalda qalmağımızın böyük səbəblərindən birisi də həmin bu mayeyi-səadət və məbdəi-tərəqqimiz olan oxumaq və yazmaq alat və əsbabının qüsur ilə dolu olmağıdır. Bir əlifbanın ki, irab və hərəkəsi və qədəri-kəfafincə hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmaya və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə cür oxunmağına yol verə, əlbəttə, onun bu tərəqqi əsrində bəqası səlah deyil və nə qədər təbdil və təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik, dünya və axirət işlərimiz qaydaya düşüb öz yolu ilə rast gedər. Ülum və fünundan ki, bu qədər bəhs edib, məclis və məhfillərdə danışırıq, qəzet və jurnallarda yazırıq və heç biri bizim üçün müyəssər olmur, hürufimiz təbdil olduqda qiylü qalsız, asan vəch ilə onlardan bəhrəmənd və mənfəətbərdar olarıq. Xətti-alfabiti ki, Avropa millətləri arasında icra və istemal olunur, cəmi dillərdə olan sövtləri əksiyi--otuz, artığı--otuz beş ədəd hərflərin vasitəsi ilə əda eləyir. Az-çox tərbiyəli adam əcnəbi millətin xətti-alfabiti ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa başlar. Bisavad uşaq bir-iki ayın müddətində oxuyub yazmağa qadir olur. Bir adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə basılmış kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim çox dərin oxumuş mollamız aşina olmadığı kitabı oxumaqda acizdir. İki sətr güc ilə oxuyub duruxur. Eşitmədiyi bir sözü düz oxuya bilmir. Buna səbəb, əlbəttə, bizim sillabi xətti ilə tərtib olunmuş əlifbamızdır. Burada həqiqət gün kimi aydın və rövşəndir və əqli-səlim sahibləri bunu inkar edə bilməzlər. Amma avamlığın zoru, adət və ayinin gücü bizim canımıza bir dərəcədə sirişt edibdir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq. Kömürə ağ, qatığa qara deyə-deyə qalmışıq. Hər halda piyada atlıya və atlı dəmir yol (vapor) ilə gedənə yoldaş olmayan kimi, biz müsəlman qövm və millətləri dəxi qədim heroqlif şəklində düzəlmiş əlifbamız ilə mədəniyyət aləmində Avropa əhalisinə yoldaş deyilik və ola da bilmərik. Mərhum Axundov bu barədə yazır: "Əgər islam xalqlarının əlifbası sillabi deyil, alfabiti olsaydı, özü də soldan sağa yazılsaydı, mədəni tərəqqi aləmində, heç şübhəsiz ki, islam xalqları Avropa xalqlarından irəlidə olardılar. Çünki mədəniyyət toxumu əvvəllər islam xalqlarının yaşadığı Şərq ölkələrində göyərmişdir. Lakin sillabi əlifbanın çətinliyi nəticəsində elm və maarif bu xalqların bütün təbəqələri arasında yayılmamış və islam xalqları yaşayan torpaqlarda toxumu çüruyüb zay olmuşdur. Halbuki Avropada alfabiti əlifbanın asanlığı nəticəsində mədəniyyət və elm tərəqqi etmişdir. Min dəfə təəssüf olsun ki, islam xalqının dövlət başçıları öz əlifbalarının dəyişdirilməsinin vacib olduğunu dərk etmirlər və gündən aydın olan bu mətləbi başa düşmürlər. Halbuki onlar yeni tənzimat, dəmir yol çəkmək, buxar gəmiləri düzəltmək, teleqraf xətləri çəkmək, hərbi silahlarını təzələmək və bunlar kimi başqa məsələlər haqqında uzun-uzadı danışırlar. Halbuki bütün bunlar əlifbanı dəyişmək məsələsinə nisbətən ikinci dərəcəli, bu məsələ isə hər bir yeniliyin bünövrə daşıdır. İnsanın belə bir xalqın içərisində doğulması və haqqı anlaması böyük bədbəxtlikdir. Çünki o, haqqı öz xalqına başa sala bilməyib, dünyadan həsrət və kədərlə gedəcəkdir. İmza: Mirzə Fətəli Axundzadə". Mirzə Fətəli tərtib qıldığı əlifbasının Osmanlı və İran məmləkətlərində qəbul olunmadığını, avam və kütahnəzər İran vəzirlərinin, xüsusən İstambulda müqim İran səfiri Mirzə Hüseyn xanın büğz və ədavətini və filcümlə öz hali-dilini fars dilində gözəl və mövzun bir mənzumədə bəyan etmişdir ki, eyni ilə aşağıda dərc olunur. Bu mənzumə Firdövsiyi-Tusi əleyhirrəhmənin "Şahnamə"si səbkində inşad olunubdur ki, sahibinin fünuni-şerdə mahir və xoştəb bir şair olmağına şəhadət verir. Mərhum Axundov mənzumənin ünvanını bu sayaq başlayıbdır: "Qafqaz canişininin mütərcimi Kolonel Mirzə Fətəli Axundzadənin 1284-cü ildə vəsf-halına dediyi mənzumədir". Bu daimi olmayan dünyada mənim ömrüm Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi üzündən Çox tədbirlərə əl atdım. Ancaq səyim bir nəticə vermədi, Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağının böyükləri Hamısı Çin xalqı kimi yatmışdılar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim, Yeni alifbanı o ölkədə Bütün dövlət başçılarına göstərdim. Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə "Yüz sağ ol!" dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. O dəqiqədə səadət mənimlə həmnəfəsdi. Birdən bir sarı üzlü kişicik Mənim arzu piyaləmə zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi. O natəmiz kişi bu ittiham ilə Məni hər kəsin yanında xatırlayırdı. O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını qorxutdu. "On illik zəhmətim onun sayəsində heç oldu, Yerdən sızıltımı göy eşitdi. Pak allah mənim köməyimə çatsın, Qiyamətdə ondan mənim qisasımı alsın". * * * * Çarəsiz Rum torpağından qayıtdım, Orada qalmaq mənim üçün uğursuz idi. Bu nəticəsiz gedib-gəlmək haqqında Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına yoldan Ürəksevən bir məktub yazdım. Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni bir qapı açdım. Bilmirəm onun hümmətimi alçaq idi, Ya o, gecə-gündüz sərxoş idi; Bu vəzir mənə cavab vermədi, Məqsədim üçün əl tutmadı. Başqa bir vəzir də dodaqlarını tərpətmişdi, Bu məsələ haqqında öz fikrini demişdi Ki, biz İran xalqı kiçikdən böyüyə qədər, Atəşpərəstdən xristianadək, farsdan türkə qədər, Hamımız zirək və mərifət sahibləriyik. Zəka üzündən həmişə fikirdəyik. Yazının çətinliyindən qorxumuz yoxdur, Çala-çuxurdan çıxmaq üçün korlara yol göstərən lazımdır. Heç kəsdən yeni yazı qəbul etmərik, Bizim öz yazımız və öz fikrimiz kifayətdir. Sonra bu fikri ilə güvənmişdi, Əlinin içi ilə saqqalını tumarlamışdı. O məclisdə sıra ilə oturanların hamısı Ona demişdi: "Sağ ol, ey fikir deyən! Doğru sözünə min afərin olsun! Hikmətdə sənə heç kəs bərabər ola bilməz, Qəlbin işıqlıdır, sözün sağlamdır, Onu rədd etmək üçün Ərəstu belə cavab tapmaz", Təəssüf ki, gözəl xasiyyətli şahənşahın Vəzirlərin axmaqlığından xəbəri yoxdur, Heyif ki, fərasətli və huşlu şahənşah Heyvərələrin işindən sakit oturur. Heyif ki, ədalətli hökm verən Bu əlifbanı başdan-başa görmədi, Heyif ki, onun parlaq dövründə Abırlı bir vəzir görmədik. Hamısı tamahkar, hünərsiz, ağılsızdırlar, Kim onların adını yaxşılıqla çəkər? Hərçənd onun dövrünün başlanğıcında Şərqdə İldırım kimi bir vəzir parladı, Ancaq o, ruslar ölkəsində vəzirlik edən Boris kimi bir vəzir idi. Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün, Ömrü Boris kimi zay oldu, Bu rəmzi bu padşah anlarsa, Onun ömrü günəş və ay kimi olsun Ki, dövlət millətin pərəstarı olmalıdır. Millət dövlətin pərəstarı olmamalıdır. Ey Keyqubadın taxtında əyləşən, Onun üzərində şahlığın daimi olsun, Eşitdinmi ki, rus ölkəsində Hümmətlə, qeyrətlə, namusla Aleksandr rus millətinə nə yaxşılıq etdi? Ad çıxarmaqda dünyada kişi oldu, Eşitdinmi ki, Palmerston Britaniyalılar üçün nələr etdi? Sən Vilhelmi, O ağıllı, elm sahibi kralı eşitdinmi? Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır, Ona görə də dövründə mülkü behişt kimidir, Sən Bismarkı eşitdinmi Ki, başını göylərə yüksəltdi? Onun fikrindən nə cür tədbirlər baş verdi? Vətəni uğrunda müharibə etdi. Eşitdinmi ki, inişil, Haribaldi Öz ay üzlü arvadı ilə Nə kimi cəsarətli müharibələr etdi, Vətənini yadlardan təmizlətdi.Hər yerdə ki, o döyüşlə məşğul idi, Arvadı arxasında ona kömək idi. Sən Linkolnun Canını millətə necə qurban etdiyini eşitdinmi? Tyeri eşidibsənmi ki, indi Onun ömründən səksən il keçir. Vətəni üçün həmişə kədərlidir, O, pul və rahatlıq qayğısında deyildi, Ey padşah, vəzirlərin nə etmişlər? Onların işinə özün şahid ol! Vəzirlərin nöqsansız bir iş görməmişlər, Onlar gah qarınlarının dərdindədirlər, gah kisələrinin. Elə isə onlar bir arpaya dəyməzlər. Ey şahlar şahı, onları qapından qov! Elmli, düşüncəli vəzirlər axtar, Nəcabəti burax, bacarıq axtar Ki, məmləkət yeni bəzəklə İstədiyin qədər bəzənsin. Yeni əlifbanı işə salsınlar. Xoşbəxtlik ağacını meyvələndirsinlər. Ə z i z d o s t u m R u h ü l q ü d s ə x i t a b Çox şikayət etdim, söz uzandı, Vaz keçdim, bir daha səni görməyəcəyəm. Bu işi, bu zəhmət və xəstəliyi başa çatdırmağı Gələcək nəslə tapşırdım. Mərhum Mirzə Fətəlinin bu mənzuməsi Firdövsi əleyhirrəhmənin Soltan Mahmud Qəznəvinin haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəyi bidadlıq və ədalətsizlikdən naşi şikvə və nalələrdir. Axundov ustadi-kamili olan Firdövsi-xoşnamə peyrəvilik etməkdə artıq məharət göstəribdir. İran-zəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətə kimi onu yumaq və qazımaq ilə getməyəcəkdir. Bəli, doğrudur: Çu şair berəncəd bequyəd hica, Bəmanəd hica ta qiyamət beca. [1] [1] Tərcüməsi: Şair incisə həcv deyər. Həcv isə qiyamətə kimi qalar. * * * * Mirzə Fətəli Axundovun komediyalarına gəldikdə, qəti surətdə deyə bilərik ki, Qoqol rus və Molyer firəng dram yazanlarının ustad və pişrəvi olduğu kimi, mərhum Axundov da türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yol göstərəni olubdur. Onun komediyalarının mislini bizim Azərbaycan türklərinin dram yazanları hələ bu vaxtadək kamalınca yazıb yetirə bilməyiblər; vəli bunu dəxi inkar etmək olmaz ki, Mirzə Fətəlinin sayəsində Nəcəfbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev kimi əhli-qələm, müqtədir, sahibi-idrak və kamal dramnəvislər vücuda gəlibdir. Bunların hər birisinin bir neçə komediyaları və drama məxsus əhəmiyyətli əsərləri vardır ki, indiki məişətimizin bəzi övza və əhvalını eyni ilə göstərir. Hər iki ədibin və Mirzə Fətəliyə peyrəvilik edən sair dramnəvislərin vücuda gətirdikləri əsərlər barəsində "Azərbaycan türklərinin ədəbiyyatı" adlı məcmuəmizdə müfəssəl məlumat verilir. Komediya yazmaqda elm və bilikdən səva təcrübə və bələdiyyat lazımdır və bunlardan əlavə xudadadi bir qüvvə, yaradıcı bir təb, türk istilahınca, "allah vergisi" lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikir və xəyalı ilə yoxdan var eləsin. Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kamalınca var imiş. Onun komediyaları qövlümüzə möhkəm və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu və Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kərim Miyançısı, Molla İbrahimxəlili və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fel və əməllərini işlətməkdədirlər. Mirzə Fətəlinin komediyaları yazılandan bu vaxta kimi altmış sənə keçibdir. Bu uzun müddətin ərzində ki, yarım əsrdən ziyadə eyləyir, məişətimizdə çəndan tərəqqi mülahizə olunmur. Ata-babadan qalma köhnə adət və ayinlər üzrə güzəran edib, onların batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərimizdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dəhatımız necə ki, əlli-altmış sənə bundan müqəddəm cəhalət səhrasında avara və sərgərdan dolanırdı, indi də haman qərar üzrə səfil və sərgərdandırlar. Onların nicat və səlaməti üçün çalışanlarımız yoxdur. Elm və tərbiyə almışlarımız öz mənfəəti-şəxsiyyələrini millətimizin və qaranlıqda qalan qardaşlarımızın xeyir və səlahından müqəddəm tutub, özlərini şəhərlərə verirlər. Fikir və xəyalları özləri üçün isti yer, mədaxilli mənsəb arayıb tapmaqdır. O səbəbdəndir ki, əlli ildən bəri iki qədəm də irəli yeriməmişik, bir nöqtə üstündə donub qalmışıq. O səbəbdəndir ki, Hacı qaralarımızın ədədi gün-gündən artıb çoxalıbdır və çürük bezi və qədəki qumaş mal adına imanları ilə bir yerdə satmaqdadırlar. Şəhrəbanı xanımlarımız və Xanpəri nənələrimiz hər şeydən artıq cadu-bitiyə inanıb, kişilərini aldatmağa məşğuldurlar. Hatəmxan ağalarımız firənglər ilə bizim təfavütümüzü ancaq onlar bizim adətimizə müğayir olaraq əllərinə həna qoymamaqda, başlarını qırxmamaqda, evdə başı papaqsız oturmaqda, xörəyi əlləri əvəzinə qaşıq ilə yeməkdə görürlər. Heydər bəylərimiz cüt əkməyi ancaq erməni peşəsi bilib, özlərinin şan və şövkətlərini çapavula getməkdə, qətl və qarətdə görürlər. Molla İbrahimxəlillərimiz kimyagərlik sənətini əldə bəhanə edib, min cürə şəbədəbazlıq ilə avam xalqın əlində olan nəqd və cinsini alıb, başlarına tənbaku oyunu gətirməkdədirlər. Ağa Mərdan halvaçı oğlu və Ağa Salman ələkçi oğlularımız mürafiə vəkili olub, xilafi-şər və bəd, bihesab işlər tutub, şeytanın əqlinə gəlməyən hiylə və fəsadları törətməkdədirlər. Və habelə, və habelə. Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eyni ilə göstərir. Müruri-əyyam ilə bu ayinənin üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə seyqəl verəndən sonra diqqət ilə ona baxsaq öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruə və əhvali-şəniəmizə dürüst diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində uzaq getməmişik, cüzi dəyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçərimiz və mənəvi tərəfimiz haman irəliki qərar üzrə qalıbdır.... Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb onu dəlir, yaralayır.... * * * * Mərhum Axundov komediyalarına müqəddimə olaraq, ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir? Teatr nədir və ondan təhzibi-əxlaq və adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk imlası xüsusunda öz təsəvvüratını bildirib, komediyanı oxuyanlara və oynayanlara bir para lazım olan dəsturül-əməllər verir. Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm və biri fərəh. Ağlamaq--əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur, əgər müsibət ağır isə ağlayır və biləks, ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır. İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqrir və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində giryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir. Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar, necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbai və əxlaqi-bəşəriyyəni kəmafilvaqe [bəyan] etmək ilə təbiəti-müstəmiə məqbul və müəssir dusdu, haman nəqlin vazeinə və musənnifinə həkimi-rovsənrəvan və arifi-təbaeyi-insani deyərlər və naqilinə suxənguyi-qabil...." Burada naqili-süxənguy və raviyi-şirinməqal ilə bizim işimiz olmuyub da, müsənnifi haqqında, yəni mərhum Mirzə Fətəli barəsində kamali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbaeyi-insanidir". Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu məharət və qabiliyyət və təbaeyi-insana bələdiyyət ancaq o mərhumun komediyalarında görünür. Mərhumun dramnəvislikdə izhar qıldığı mərifət və kamal doğrudan da vəsfə gələsi deyil. Onun təmsilatından hansı birisini ələ alıb oxuduqda, olduğumuz övza və zamanı bilaixtiyar unudub, özümüzü Mirzəyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övza və dəsgahın içində dərk edirik, əfradi-məclis guya bir-bir gözümüzün önündən və əlvan libaslarında gəlib keçirlər. Biz onların hərəkət və sükunatını, necə ki, var, müşahidə edirik, danışdıqları söhbəti eşidib, gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq. Timsal üçün Axundovun baş komediyası hesab olunan "Sərgüzəşti-mərdi-xəsis" adlı təmsilatı ilə ki, başqa ibarə ilə "Hacı Qara" adlanır, oxucularımızı tanış edib, Hacı Qaranın qaçaqlığa getməkdən qabaq arvadı Tükəz ilə danışdığı söhbəti necə ki, var--məqamında yazırıq! Bu əcibə komediyanın keyfiyyəti beş məclisdə bəyan olunur. Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar böyük bir palıd ağacının dibində, aydınlıq gecədə. Heydər bəy yoldaşları ilə bir yerdə istəyir gedib nişanlısı Sona xanımı götürüb qaçsın. Bu barədə Səfər bəy ilə danışır. Heydər bəy qoçaq bir oğlandır ki, öz el və obasının içində igid adlanır, dava-döyüşdə, soyquntu və basqıntıda ad çıxarıbdır. Amma onun pulu yoxdur ki, toy edib, nişanlısı Sona xanımı gətirsin. Heydər bəy təəssüflə keçmiş zamanı yadına salıb deyir: "Hanı o gözəl vaxtlar ki, hər ayda bir karvan çapmaq, bir ordu dağıtmaq olurdu. İndi nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü. Əgər qoşuna getmək istəsən də gərək çıplaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmət ilə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq və bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı osmanlı və qızılbaş döyüşü ki, bir vaxt Qarabağı qızıl-gümüşə boyamışdı. Belə bir döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən olum, bir hünər göstərim ki, Rüstəmi-dastan da göstərməmiş olsun". Sonra naçalnikin ona etdiyi buyruğu yadına salıb deyir: "Qulaq as, gör naçalnik mənə nə deyir: "Heydər bəy, rahat otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə!" Peşiman olub dedim ki, bu əmrə biz də rağib deyilik. Amma siz cənaba lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Naçalnik mənə deyir ki: "Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə". Naçalnikin bu təklifi Heydər bəyin damağına bərk dəyir və o, Səfər bəyə şikayət təriqi ilə deyir: "Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm!" Heydər bəyə yoldaşı Səfər bəy məsləhət görür ki, Sona xanımı götürüb qaçsın və toy xərci aralıqda itsin. Bu xüsusda Heydər bəy dostu Əsgər bəyi də məsləhətə çağırıb imiş ki, məsləhət olsa, gedib bir yerdə Sona xanımı götürüb qaçsınlar. Amma bu işdə Heydər bəyin könlü yoxdur. Əvvələn, ehtiyat edir ki, qızın ata və anası gedib naçalnikə ondan şikayət eləsinlər və o yenə təzədən qaçaq düşsün və saniyən, Heydər bəy tay-tuşun və el-obanın tənindən qorxur ki, desinlər Qurban bəyin oğlu toy etməyə pul tapmayıb, öz nişanlısını götürüb qaçdı. Əsgər bəy də qızı götürüb qaçmağı yoldaşının şəninə layiq görmür. Onun məsləhəti ilə sözü bir yerə qoyurlar ki, ağcabədili Hacı Qaradan müamiləsi ilə pul götürüb, gedib İrandan qaçaq malı gətirsinlər və onun qazancı ilə toy eləsinlər. Bu məsləhəti Heydər bəy öz nişanlısı Sona xanıma deyir. Heydər bəyin sözləri əvvəlcə Sona xanımın əqlinə yerləşmir ki, onun pulu olmaya-olmaya qaçaq malını nə ilə alacaqdır və təkid edir ki, haman gecə onu götürüb qaçsın. Amma sonradan anasının səsini eşidib, tələsik Heydər bəy ilə ayrılır və onun qaçaq malı almağa getməyinə razı olur. İkinci məclis vaqe olur Ağcabədi kəndində. Xəsis Hacı Qara dükanında oturub, bazarın kəsadlığından və malın satılmadığından şikayət edir. Şuşa qalasında ona çit, qədək, bez satanın qarasınca söylənib, ağzına gələn nifrin və bədduanı haqqında edir ki, ona çürük mal satıbdır. Bu halda Heydər bəy yoldaşları ilə Hacının yanına məlum mətləbdən ötəri gəlirlər. Hacı Qara onları müştəri hesab edib sevinir və neçə dəqiqə bundan irəli pislədiyi çürük malı başlayır tərif etməyə. Əsgər bəy deyir ki, biz parça almağa gəlməmişik, başqa bir mətləbdən ötrü gəlmişik. Bu sözlərdən xəsis Hacı məyus və mükəddər olub, istəyir ki, bir növ bunları başından rədd eləsin. Sonra mətləbdən xəbərdar olub və az vaxtın içində yüz manat qazanc etmək sözünü eşidib sevinir və bəylərin təklifini qəbul edir. Hacı özü də onlar ilə Təbrizdən qaçaq malı almaq fikrinə düşür və sözü bu məqamda qoyurlar ki, hazırlaşsınlar və Hacı lazım olan qədər pul götürsün ki, haman gecə yola düşsünlər. Hacı Qara cəld dükanı bağlayıb evinə gəlir. Əlində açar sandığın ağzını açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb, əlahiddə kisələrə qoyur. Sonra gedir tüfəng-tapancasını, xəncərini, qılıncını gətirir yığır qabağına. Bu halda arvadı Tükəz yetişir. T ü k ə z--A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? H a c ı Q a r a--Səfərim var, yola çıxacağam. T ü k ə z--De görüm, hara gedəcəksən? H a c ı Q a r a--Sənə deməli deyil. T ü k ə z--Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizliyirsən? H a c ı Q a r a--Elə bir elə zaddır. T ü k ə z--Bəs elə zad isə heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır). H a c ı Q a r a--Dükanı allah batırsın, malı yoxa çıxsın, satılır məgər? Qoymazsan başımın çarəsin görüm? T ü k ə z--A kişi, başına nə gəlibdir ki, çarəsin görəsən? Nə danışırsan? H a c ı Q a r a--Dəxi nə gələcək, evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir! T ü k ə z--Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə eyləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən? H a c ı Q a r a--Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlini uzadıb tüfəng, tapancanı dartıb alır). T ü k ə z--Yəni sən bu yaraqları qurşanıb, olar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapancanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram. Torpaq sənin başına! (İki əlli başına qarıyır). H a c ı Q a r a--Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün. İtil burdan!. T ü k ə z--Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm. De görüm hara gedirsən? H a c ı Q a r a--Cəhənnəmə, gora! Əl çəkməzsən?! Nə istəyirsən məndən? T ü k ə z--Kaş, cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi, toy-bayram edim. Çifayda, əzrailin yolu yumrulsun, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır. H a c ı Q a r a--Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə zərər yetirməmişəm. Mən niyə murdar oluram? T ü k ə z--Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən. Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib içirsən, nə ailənə məsrəf edirsən. Sən ölsən heç olmasa arvad-uşağın doyunca çörək yeyər. H a c ı Q a r a--Arvad-uşaq zəhirmar yesin! T ü k ə z--Sənin evində zəhirmar da tapılmaz. Olsaydı onu da qıyıb bizə verməzdin.... (Bu halda bəylər çağırır: Hacı, Hacı!) H a c ı Q a r a--Arvad, çəkil get, adamlar gəlir. (Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır). Üçüncü məclis vaqe olur Arazın kənarında. Hacı Qara qaçaq malı alıb, yoldaşları ilə geri qayıdan zamanı Arazı keçəndə az qalır suya düşüb boğulsun. Heydər bəy kəmənd atıb, Hacının belinə salır və ənvai-müsibət ilə çəkib çıxardır. Bir az yol gedəndən sonra qaçaqçılar Ohan yüzbaşıya üstünün on nəfər yaraqlı-əsbablı adamları ilə rast gəlirlər. Bunlar isə murovun hökmü ilə Əylis ermənilərini soyan qaçaqları axtarmağa çıxıblarmış. Heydər bəy Ohan yüzbaşının üstünə hücum edib elə bağırır ki, öz qoçaqlığından dəm vuran Ohan yüzbaşı özünü itirir və adamları ilə qaçıb dağılırlar. Ermənilərdən birisi (Sərkis) Ohandan soruşur ki: "Ay yüzbaşı, murov soruşsa ki, bir adama rast gəldinizmi, nə deyək?" Ohan yüzbaşı deyir ki, soruşsa deyərik: "Dəvə gördünmü, qığını da görmədik".... Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə. Hacı Qara yoldaşlarından ayrılıb, yüklü atın üstünə minmiş, nökəri Kərəməli ilə Ağcabədi səmtinə gedirlər. Hacı Qara tələsir ki, özünü kəndə yetirsin, ta ki, sabah firəng malını bazara çıxarıb, baha qiymətə satsın; amma Hacı Qaranın arzusu hasil olmur. Xonaşin dərəsində biçindən qayıdan iki nəfər tuğlu ermənisinə rast gəlir. Hacı Qara bunları murov yasavulu hesab edib, başlayır hədələməyə. Ermənilər hər çe səy edirlər ki, özlərini ona tanıdıb, fəqir biçinçi olmaqlarını bildirsinlər. Qorxaq Hacı Qara müqabilində aciz, əlsiz və ayaqsız adamları görüb, onların kim və nəçi olduğunu bilmək və sözlərinə qulaq asmaq istəmir. Burada mərhum Axundov özünün xeyli dəqiq və qəlbşünas (psixologiya) elmindən baxəbər olduğunu sübuta yetirir. Necə ki, İspaniya ədibi Servantesin Don-Kixotu dəyirmanı böyük bir pəhlivan hesab edib, onunla davaya girişir, habelə də Hacı Qara biçinçi erməniləri murov yasavulları və yainki quldur hesab edib, istəyir onlara qalib gəlsin və təkid edir ki, yaraqlarını yerə atsınlar. Ermənilər oraqlarını yerə atıb deyirlər: "Budu bizim yarağımız". Hacı Qara inanmayıb, tüfəngi bunların başının üstündə atır, ermənilər bərk qorxur, eşşək ürkür və erməninin birisi (Arakel) onun üstündən yerə yummalanır. Tüfəngin səsini murovun yasavulları eşidib, Hacı Qaranı və erməniləri tutub, murovun hüzuruna aparırlar. Murovun hüzurunda Hacı Qara deyir ki, ermələr onu soymaq istəyirdi. Ermənilər dəxi Hacı Qaranı müttəhim edirlər. Murovun hökmü ilə Hacı Qaranı və erməniləri dustaq edirlər. Hacı Qara başlayır ağlamağa: "Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm. Çibindən birəyədək başlayacaqdır soruşmağa. De gəl boş-boş suallara cavab ver, gözlə ki, axırı olacaq". Hər şeydən artıq Hacı Qara rus divanının "get-gəlindən" qorxur. "Zavtra-zavtra"nın həddən ziyadə olan xərc və xəsarətini tamahkar Hacı nəzərə alıb, başlayır uşaq kimi ağlamağa. Bu bəlaların hamısı onun başına tamahının gücündən gəlir. Tamah kişiyə o qədər güc gətirir ki, rahat kəsbini buraxıb, qaçaqçılıq kimi qorxulu və haram işə gedir. Burada az qalır ki, Araz çayında axsın. Bu xatadan qurtarıb, evinə yetişha-yetişdə murovların əlində dəstigir olur. Yəqinlik ilə demək olur ki, Qoqol Plyuşkinin xəsisliyini o qədər dürüstlük və məharətlə yazıb yetirə bilməyib, necə ki, mərhum Axundov Hacı Qaranın xəsisliyini, qorxaqlığını, zahiri və batini aləmini ədibanə təhrir qılıbdır. Qoqolun yazmağında bəzi mübaliğat və təbiəti-insana uymayan sifətlər nəzərə gəlir. Amma Hacı Qaranın xülq və xasiyyətində, tamahkarlığında zərrə qədər də kəm-kəsir yoxdur. Bu tamahkar şəxsin mislini, yəqin ki, hər bir bəsirət əhli indi də görüb müşahidə etməkdədir. Hacı qaralarımız hala fot olub qurtarmayıbdır. Onların ədədi artır ki, azalmır. Beşinci məclis vaqe olur Heydər bəyin obasında. Heydər bəy alaçığın içində oturubdur. Bundan bir gün irəli toy olub, çöldə zurna, qaval çalınır. Cahıl uşaqlar oynuyub oxuyurlar. Sona xanım Heydər bəy ilə şirin söhbət eləyir və ondan təvəqqe edir ki, bir də gəzməyə, oğurluğa və əyri yola getməsin. Bu halda Hacı Qaranın arvadı Tükəz daxil olub deyir: "A başına dönüm, mənim ərimin başına nə iş gəlibdir ki, indiyədək nə özündən və nə nökərindən bir xəbər yoxdur?". Heydər bəy Tükəzə təsəlli verir ki, qorxmasın, gəlib çıxar. Bu əsnada qışqırıq qopur, murov və naçalnik üstünün atlıları ilə alaçığı əhatə edirlər. Heydər bəy qabağa çıxır. Naçalnik ona deyir ki, Ohan yüzbaşının xəbər verməyi ilə Əylis ermənilərini soyan odur. Heydər bəy deyir ki, "Naçalnik, belə mujikin sözünə etibar edib, məni bədbəxt etmə". "Mujik" sözü Ohanın damağına dəyir. 20 il vilayət böyüklərinə qulluq edib rizaməndlik kağızı və medal almağını naçalnikə sübut etmək istəyir və bu barədə çox tul danışıb naçalnikin övqatını təlx edir və öz üstünə açıqlandırır. Bu aralıqda Hacı Qaranı və biçinçi erməniləri gətirirlər. Və sonradan Hacı Qaranın nökəri Kərəməlini yük ilə gətirirlər. Hacı Qara Kərəməlini və malının tutulmağını görən kimi yıxılıb özündən gedir. Naçalnik və qeyriləri bu hala təəccüb edirlər. Amma Heydər bəy keyfiyyəti anlayıb, olan əhvalatı kəmayənbəği naçalnikə söyləyir və qaçaqlığa getməyinin səbəbini bəyan edir. Bu əsnada Sona xanım irəli yeriyib deyir: "Başına dönüm, bizi padşahın başına çevir! Qul xətasız, ağa kərəmsiz olmaz. Yaz, bu işi yuxarıya bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, Heydər bəyi heç bir yaman işə qoymuyam". Naçalnikə Sona xanımın sözləri təsir edir və o, Heydər bəyi yoldaşları ilə zaminə verir. Sona xanıma deyir ki, sənin gözəlliyinə və göz yaşına rəhm edib, Heydər bəyi səndən ayırmadım, ondan muğayat ol ki, yenə bir pis iş tutmasın. Sənin zaminliyin hər bir kəsin zaminliyindən etibarlıdır. Xudahafiz deyib getmək istəyəndə Hacı Qara deyir: "Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər". Naçalnik onun da təvəqqeyini yerinə yetirir. Hacı Qara başlayır ona dua etməyə. Pərdə salınır. Bizim bu kitabçamızda o qədər genişlik yoxdur ki, Axundovun sair komediyaları ilə də oxucularımızı aşina edək. Bu işi özgə bir vaxta qoyuruq. Bundan maəda biz belə zənn edirik ki, əhli-savaddan az adam tapılar ki, Mirzə Fətəlinin komediyalarını oxumamış olsun və bir də onlardan hər birisi dəfə-atla səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə şəhər və qəsəbəsi yoxdur ki, mərhumun komediyalarından biri, ikisi oynanılmamış olsun. Burada ancaq məzkur komediyaların adlarını yazmağa iktifa edirik. "Hekayəti-molla İbrahimxəlil kimyagər". Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Təsnif olubdur hicrətin 1267-ci tarixində. "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah məşhur cadugün". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə. "Hekayəti-xırs quldurbasan". Keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır 1268-ci sənədə. "Sərgüzəşti-vəziri-xani-Sərab". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır hicrətin 1267-ci sənəsində. "Sərgüzəşti-mərd-xəsis" (Hacı Qara). Təmsili-güzarişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu tarixdə. "Mürafiə vəkillərinin hekayəti şəhri-Təbrizdə". Qəribə bir təmsildir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci tarixdə. Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücuda gəldikdə cümləni heyrətə salır. Bu qisim əsərlər, yəni komediya o vaxtacan müsəlmanlar arasında görülməmişdi. Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, lətafət və mühəssinat ilə dolu; Azərbaycan türklərinin dolanacağını, adət və adabının ayineyi-həqiqətnüması. Əlhəqq, bunlar xəzinə malıdır.... Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikir və diqqətini öz tərəfinə cəlb edir. Əcnəbi qövm və tayfaların gözü önündə təzə bir dünya açılır. O səbəbdəndir ki, bu komediyalar hənuz türk dilində çapa verilməmiş rus dilində 1853-cü tarixdə təbdən çıxır*. Bu komediyaların şöhrət və sədası artıq sürət ilə hər yerə dağılır. Onların barəsində rus və Avropa dillərində çıxan jurnal və qəzetələrdə gözəl məqalələr yazılır. Çox çəkmir ki, Axundovun komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin (sekretarı) kargüzarı Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib, Tehranda çapa verir. Avropa üdəba və lisaniyyuni bu komediyalardan bəzini öz dillərinə tərcümə edirlər. 1882-ci sənədə İngiltərədə "Sərgüzəşti-vəziri-xani-Sərab" ingilis dilinə tərcüməsi ilə bir yerdə dərc olunur. Bu tərcüməyə əlavə olaraq məxsus lüğət və bir para qeydlər qoşulur. 1886-cı tarixdə məşhur ədib Barbiye dö Meynar Parijdə "Journal Asiatique" adlı cəridədə "Hekayəti-İbrahimxəlil-kimyagər"i çap eləyir. 1889-cu ildə Stokholm lisaniyyun cəmiyyətinin jurnalında "Hekayəti-xırs quldurbasan" təb olunur və haman sənədə Alfons Silyer ismində bir şəxs fars dilində "Vəziri-xani-Sərab" ilə "Mürafiə vəkilləri"ni çap etdirir və yenə haman sənədə Vyana şəhərində professor Vahrmund "Həkimi-nəbatat müsye Jordanı"ın fars dilindəki tərcüməsini lüğəti və bəzi qeydləri ilə məən çap etdirir. Bu komediyalardan əlavə, Mirzə Fətəli Axundov tarixi-islamiyyənin 1273-cü sənəsində ki, tarixi-məsihiyyənin 1857-ci ilinə mütabiqdir, "Aldanmış kəvakib" və yaxud "Hekayəti-Yusif şah" adında qəribə bir hekayət yazıbdır. Bu hekayətin vüqui Səfəviyyə padşahlarından Şah Abbasın zamani-səltənətinə təsadüf eləyir. Bu təəccüblü əhvalatın həqiqətdə İran-zəmində vaqe olub-olmamasına söz verə bilmərik. Amma yəqinən təsdiq edə bilərik ki, bu qisim əhvalat orada baş verə bilər. "Aldanmış kəvakib"də mərhum Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin sırf avamlığını və öz ali mənsəblərinə əsla layiq olmadıqlarını göstərmək imiş ki, insafən bu mətləbi müsənnifi-mərhum böyük məharət və ustadlıq ilə bəyan edir. "Aldanmış kəvakib"i oxuduqda yəqinlik hasil olur ki, İranın viran olmağına, "Dövləti-əliyyənin" belə zəif və nəhif hala düşməyinə "ümənayi-dövlət" və "üləmayi-kiram" və "vüzərayi-zəviyül-ehtiram" olublar. Bu həqiqət və doğrunu Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətlə öz qüsurlarını, dənaət və səfahətlərini kamali-iftixar ilə bəyan edirlər. Köhnə və şövkətli İranı xarab və pozğun hala salan cahilanə tədbirlərini hüsn-xidmət və böyük hünər məqamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. "Aldanmış kəvakib"i oxuyandan sonra Mirzə Hüseyn xanın mərhum Mirzə Fətəli Axundova nisbət olan büğz və ədavəti hansı mənbədən qaynayıb cuş etməyi vazeh olur. Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus olan istedad və qabiliyyətlərindən birisi də budur ki, öz təmsilat və hekayətlərində əhvalat və güzarişatı söylənən əşxasın hər birini öz dili ilə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin dilindən söz söyləyir isə, elə bir sayaqda söyləyir ki, guya mərhum haman o sinfin özündəndir və yainki onların sözlərini eşitdikdə bir-bir sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində elə bir nəməkrizlik, məlahət və zarafət var ki, hər kəs onun kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür. Mirzə Fətəlinin təbiətində zövq və xoştablıq mayəsi və yaranmasında zarafət və lətafət xəmirəsi olduğuna binaən həmişə meyli zarafatçı, lətifəgu və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik, zərifanə danışıb gülmək onun təqazayi-təbiəti olduğundan bəzi işləri və danışıqları dəxi başdan ayağa gülünc və zarafət imiş. Onun dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr. Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəməyi-üzəmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə diqqət yetirilsə, həmən sözlərin cümləsi mayeyi-istehza və gülünc olmağına şübhə qalmaz. Belə ki, məsələn, sərdar Zaman xan özünün sahibi-əql və tədbir olmağını hüzzari-məclisə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan osmanlı qoşununun İran üstünə hücum eləməyindən söz açıb deyir: "Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyil idi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyənin qoşununu güruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər, körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa (Osmanlı əsgərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özüylə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadəsi ilə ənvai-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin [hücum gətirmək] ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin v?hs?ti ucun salim qald?. Bel? isl?r xususunda asitaneyi-?liyy?nin qoca iti t?dbir gost?rm?kd? aciz deyil! Amma k?vakib il? muxalif?t etm?kd? ?qlim h?r bir ?lacdan qasir gorunur....". Sərdar Zaman xanın bu gunə öz hüsn-xidmətlərini tərif edib ağıllı və tədbirli binagüzarlıqlarını vəsf etməyi doğrudan da adama gülünc gəlir: "Əsakiri-mənsurə" "güruhi-zallənin" hücumuna davam gətirə bilməyib qaçır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı qan da tökülmür. Bu heç! Amma öz əlləri ilə vətənin viran olmağı, əkinçilərin ziraəti, bağbanların bağ və bostanları dağılıb alt-üstə çevrilməyi, mal-məvaşinin pərakəndəliyi, yolların xarab olmağı, körpülərin uçub dağılmağı iftixar ilə şahın hüzurunda söylənir və şahın "asitaneyi-əliyyənin qoca itinə" əsla qəzəbi tutmur. Bu çox qəribədir! Sərdari-rövşənzəmirin tədbir və səlahdidi ilə yolların dağınıq və körpülərin uçuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamaqlarına hökm olundu, zira ki, "taifeyi-bikanənin" hücumundan ehtiyatda olmaq lazımdır. Həqiqətdə həm gülməli və həm ağlamalı halətdir! Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət mümkünmüdür? Xanemani ke, to başi məhrəm, Vay bər siyrəti-an əhli-hərəm.[2] [2] Tərcuməsi: Bir ailəyə ki sən məhrəm olasan, Vay o ailə uzvlərinin halına. Mərhum Mirzə Fətəli Axundov öz əsrinin ürəfa və üdəbası ilə tanış idi və cümləsinə onun hüsni-təsiri var imiş. Xüsusən, onunla Qarabağın ən müqtədir şairi Qasımbəy Zakir təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş. Zakir Qarabağ mahalında vüquə gələn əhvalatdan və orada sakin olan ruhani sinfinin, ürəfa və nücəba qisminin əfal və əmalından və ələlxüsus elat əhlinin dolanacağından və övzai-məişətindən məlumat cəm edib, cabəca gözəl və sadə şerlər vasitəsi ilə yazıb, dostuna göndərərmiş. Bəzi rəvayətə görə, "Hacı Qara" təmsilatının məal və məzmununu filcümlə Mirzə Fətəliyə Qasımbəy veribdir və mərhum Axundov onu qəribə bir dona geyindirib, məşhur "Mərdi-xəsis" komediyasını tərtib qılıbdır. Məlum ola ki, Qasımbəyin bəradərzadələrindən Behbud adında bir nəfəri qaçaqlığa qurşanıb, Qarabağda çox fəsadlar törədərmiş. Qasımbəy nahaq yerə bir neçə bədxahların təhriki ilə divan əmələsinin nəzərində müttəhim olub, oğlanları ilə Qarabağdan sürgün düşür və bir neçə ay məhbusvar Bakıda sakin olur. Mərhum Mirzə Fətəli dostunun xilası üçün çalışır və axırda onun təmizə çıxıb vətəninə qayıtmağına səbəb olur. Mərhum Zakir bir kağızında bu barədə dostunu tərif edib yazır: Aşina, müsahib, yar, həmsayə Lazımdır yetişə qövrə, hərayə. Kitabətin dəyər mülki-dünyayə, Nə hacət istəmək simü zər səndən? Tək yaradıb səni vahidi-yekta, Əxlaqına, ətvarına mərhəba! Neyləmişsən Molla Səfi, Bəybaba, Məmnundur, əzizim, bu qədər səndən. O vilanın yoxdur bu yer tək pisi, Təqəllübü, hərzəkarı, xəbisi; Yaxşı gördüm tamam əhli-Tiflisi, Razıyam, nəhayət, biştər səndən.... Başqa bir naməsində Qarabağın tamamı əhvalını və keyfiyyəti-macərasını cabəca yazıb, naməni bu sayaq qurtarır: Çəkilib köksümə dağlar, düyünlər, Kafirə olmasın nəsib bu günlər. Qınamasın məni könlü bütünlər, Fikrim dağınıqdır, xatirim övraq. Məqsudumuz hasil olmadı bizim, Yeksandır hicrində gecə-gündüzüm. Bu bədbəxtin halətindən, əzizim, Barı o vilada olgil göz-qulaq. Gərçi vilayətdə çox idi əhval, Müyəssər olmadı şərh edəm əlhal. Bir parasın yazıb eylədim irsal, Bu şərt ilə nə diş bilsin, nə dodaq. Ziyarət eyləyib Şeyxülislamı, Zakiri-həzindən yetir salamı, Hacı Yusif, Molla Əhməd tamamı, Haçan ola bir də deyək, dan?saq?.... Zakirin Mirzə Fətəliyə yazdıqları məktubat barəsində Azərbaycan türklərinin ədəbiyyatı xüsusunda yazdığımız məcmuədə təfsilən məlumat verilibdir. Mirzə Fətəlinin Qasımbəyə nəzmlə yazdığı kağızlardan ancaq birisi ələ düşdü ki, burada dərc olunur. Bu məktubi-mənzuməni mərhum Mirzə Fətəli dostu Zakirə yazıbdır ibtidai-məhərrəmdə, 1271-ci tarixdə, Mehdiqulu xanın qızı Xurşudbanu bəyim Natəvan haqqında. Məlum olur ki, o vaxtlarda Qasımbəy Xanqızına çox yaxın imiş. Mirzəyi-mərhumun yazdığı qafiyələr zarafat təriqincədir: Qasımbəy, eşitdim yaxın olubsan, Xanqızına, axır nədir bu rəftar? Edibsən xubları yüz yol imtahan, Eylərsən onlara yenə etibar. Yeyib otağında şamü nəharın, Kəsdiribsən yasdığının kənarın. Eşidirsən şirin-şirin göftarın, Kişi, sənin, vallah, əcəb işin var! Dediyin qafiyə ona xoş gəlib, Qaçan bəxtin indi sənə tuş gəlib, Sevdalı başına təzə huş gəlib, Təəccüb eylərəm büsyar-büsyar. Səni pərivəşlər salıb bu halə, Döndəriblər əlif qəddini dalə, Çəkərdin onlardan həmişə nalə, Nədir yenə dildə əzbər olub yar? Xanqızı məhvəşdir, el bilir, aləm, Məhvəşlər atəşdir, bizik ağlı kəm; Yüz il xidmət edə oda bir adəm, Yenə düşən dəmdə ona, bil, yanar. Xudadən istərəm versin muradın, Yamanlığa hərgiz çəkməzəm adın. Yolunda zəhmətin, rənci-ziyadın, Mən çəkdim, o etdi məni şərmsar. Özgə cəfalarım dursun kənarə, Nə lazım hər birin salmaq şümarə, Xeyr işinə onun mən o diyarə Şadü xürrəm getdim, qayıtdım bəs xar. O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Novcavandır, təkdir iyzədi-davər, Eyləsin ömründən onu kamgar. Rəvadırmı çəkə bixurdü bixab, Bəstəri-möhnətdə bu qədər əzab?! Duayi-xeyrinə eylədin şitab, Siz də mənim kimi hər leylü nahar. Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı, Olsun ona mövlam yavərü qəmxar. Mənim də var gərçi bir az günahım, Sən get hüzuruna, ol üzrxahım. Söylə ki, ey şahım, ay qibləgahım, İncimə, gər etdim şikayət izhar! Mirzə Fətəlinin bu şerləri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Bu şivədə şer yazmağı, çox ola bilər ki, Mirzəyi-mərhum Zakirdən əxz etmiş olsun. İbtidayi-kəlamda Mirzə Fətəli Xurşudbanu bəyimdən bir azacıq gilayə izhar edir. Bundan məlum olur ki, onların mabeynində cüzi bir soyutluq əmələ gəlib imiş, vəli kəlamın axırında paki-zəmir Mirzə öz xətasına müqirr olub, dostundan təvəqqe eləyir ki, Xanqızının hüzuruna gedib, üzrxahlıq etsin və şikayət izhar qılmağından rəncidəxatir olmasın. Mirzə Fətəli mərhumun bu kağızı Xurşudbanu bəyimin bəstəri-qəmdə mərizə olduğu zaman və hala təsadüf edir və yəqinlik hasil olur ki, Mirzəyi-mərhum bu şerləri Qasımbəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasımbəyin kəlamından belə məlum olur ki, Xurşudbanu bəyimin bir müddət övladı olmurmuş və övlad ümidi ilə o mərhumeyi-məğfurə özünə müalicə etdirib, ondan naxoş olubdur. Bu əhvalın doğru olmağı Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşkara görünür. Zakir yazır: Sipehri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Gülşəni-Xəlilin nihalı sənsən, "Barvər istərəm xudadan səni"! Məsihi çıxardan ərşi-əlayə, Salan üftadələr başına sayə. Yetmişdə İshaqı verən Sarayə, Qurtarsın bu rəncü ənadan səni. (Xanqızının müalicə etməyinə işarə) Çubi-çinn nədir, qibləsən, nəsən? Təəccüb eylərəm bu əhvalə mən. Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadan səni. Axundov yazır: O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Novcavandır, təkdir, iyzədi-davər, Eyləsin ömründən onu kamgar! Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı, Olsun ona mövlam yavərü qəmxar. Mirzə Fətəlinin, eşitdiyimizə görə, yenə də bir neçə türki və farsi əşarı vardır və lakin mətəəssüf nə onları, nə Rzaqulu xan Hidayət təxəllüsün tarixinə yazdığı tənqidi və nə də Tehran şairi Süruş təxəllüsün qəsidəsinə təhrir qıldığı tənqid məqaləsini axtarıb tapa bilmədik. Bu əsərləri Axundovun fərzəndi-giramisi mərhum Rəşidbəy bizə göndərməyi vədə etmişdi. Heyfa ki, ona da əcəldən macal olmadı. Bu halda Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il (bir əsr) və vəfatından otuz üç sənə (bir dövr) gəlib keçir. Bu uzun müddətin ərzində biz Azərbaycan türkləri qəflətdən ayılıb, necə ki, lazımdır, özümüzü tanımamışıq, vəq və heysiyyətimizi layiqincə dərk etməmişik, milliyyət və bəşəriyyət hissi bizlərdə ayılmayıbdır. Əsil və nəsəbimiz kimlərdir, vəzifəmiz nədir, dünyada zindəganlığımızdan murad nədir?--bu qisim suallar başımıza gəlməyibdir, qəflət və kəsalətimizə xələl yetirməyibdir. Filhəqiqə, əgər biz özümüzü tanıyıb bilsə idik, şərafəti-milliyyəmizin hifz və izdyadına çalışsa idik, bu qədər dalda və töhmətlər altında qalmaz idik. Biz də sairlər kimi öz millət qeydi çəkənlərimizin, təriqi-hidayətə bizi dəvət edən üləmamızın, xoştəb və müqtədir şairlərimizin, eyblərimizi zərifanə açıb göstərən ədiblərimizin qədrini bilərdik. Mərhum Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müasiri idi. Hər iki ədib zatən psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, səfahət və həmaqətini, büxl, həsəd, şərarət və fəsadını, zahiri və batini aləmlərini görürlərmiş. Zahirdə güldükləri adamların halına ürəkdən yanıb ağlayırlar və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissləri oyadıb, məhəbbət çırağını yandırırlar. Bununla bəşəriyyət aləminə böyük xidmət göstəriblər. Rus milləti Qoqolun qədrini bilib, onun adı ilə iftixar və qədrşünaslıq vəzifəsini ifa etməkdədir. Amma biz möhtərəm və bimisl ədibimizin haqqında heç bir yaxşılıq etməmişik və bu anacan o mərhumun qədr və qiymətini bilməmişik. Ancaq 1903-cü sənədə oktyabrın 27-də Bakı şəhərində cənab Əlimərdanbəy Topçubaşovun və mərhum Həsənbəy Məlikovun və sair maarifpərvər şəxslərin səy və ehtimamı ilə mərhumun komediyalarının təb və intişarından əlli sənə keçməklik münasibəti ilə bir məclisi-ceşn tərtib olunub, məzkur komediyalardan "Hacı Qara" səhneyi-tamaşaya qoyulmuşdu və "Kaspi" ruznaməsinin 232-ci nömrəsində cənab Əlimərdanbəy Axundovun tərcümeyi-halına və asari-qələmiyyəsinə dair ətraflı məlumat vermişdi. Bu ittifaq çəndan əhəmiyyətli olmasa da, bir növ qəflətdan ayılmağımıza şəhadət verir. Eşitdiyimizə görə, möhtərəm bəradərimiz Əbdürrəhimbəy Haqverdiyev mərhum Axundovun yadigaranəsi üçün tərtib qıldığı əsərində onun bahadırlarını ki, ibarət ola Hacı Qaradan, İbrahimxəlil kimyagərdən, Məstəli şahdan, Teymur ağa və qeyrilərindən, mərhumun özü ilə bir yerdə tamaşa səhnəsinə gətirir və burada onlar Axundovdan itab ilə sual edirlər ki, axır biz sənə nə eləmişdik ki, sən bizi aləm içində rüsva və bədnam etmişsən. Mərhum Axundovun onlara cavabı nə olacağı bizə hələ məlum deyil. Amma biz bilmirik ki, o mərhumun, ruhi-pakı bizim müqabilimizdə durub bizdən sual etsə ki, mən bu qədər sizin xeyir və səlahınız üçün çalışdım, eyblərinizi açdım, tərəqqi və səadət yolunu göstərdim, əlifbanızın islahına, dilinizin asanlığına çalışıb, ömrümü çürütdüm, bu qədər zəhmət və küdurətimin əvəzində heç məni yad etdinizmi? Mən göstərdiyim batil və fəsad əməllərinizdən daşındınızmı, cəhalət çəngindən xilas olmağa çalışdınızmı?.... Bu suallara, əlbəttə, bizim binalı və tutarlı cavabımız olmayacaqdır. Ancaq xəcilanə bunu izhar edə biləcəyik ki, bu anacan biz qəflətdə olduq, sənin qədrini bilmədik, kərəm et, bizi əfv qıl. Bundan sonra bacardığımız xidməti haqqında müzayiqə etmərik, sənin adına kitabxanalar və məktəblər güşad edərik, əsərlərini çap etdirib əbnayi-vətən arasında yayarıq ki, onları mütaliə edib, amal və əfkarını bilsinlər, nicat və səadət yoluna düzəlsinlər.... * * * Müsəlman müəllimlərinin hümməti Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər. Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır. "Hacı Qara" bir sayaq doğru və düz yazılıbdır ki, bu mərdi-xəsisin əxlaqi-ətvari, xəsasət və ləimliyi, cifəyi-dünya üçün dini və imanı və hətta əziz canı fənayə verməsi, dünya malı üçün yalan söyləməyi, and içməyi bir tövr təhlil olunubdur ki, guya mərhum Mirzə bütün ömrünü məzkur Hacı ilə bir yerdə keçiribdir və onun ürəyində olan fikirlərini, hər bir cüzi hərəkət və rəftarını, adab və əxlaqını layiqincə öyrənibdir. Bu məharət və rümuzşünaslıq ancaq Mirzə Fətəli kimi kamil və ustadi-qabil kimsələrin qələmindən vücuda gələ bilər. Əgər biz mərhum Mirzə Fətəlini firənglərin Molyerinə və rusların Qoqoluna təşbeh etsək, səhv etməmiş oluruz. Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. Artıq məharət və hünər göstərənlər bunlardır: Yusif bəy Haqnəzərov, Həsənəli bəy Sarıcallı, Mirzəcamalov Məhəmməd Həsən bəy, Fərhad bəy Köçərlinski, Cavad bəy Bağırbəyov. Bu cavanlar kərrat ilə ssenaya çağırılıb, təhsin və afərin sədasını istima etmək ilə xoşhal oldular. Bu işdə artıq zəhmət çəkənlərdən birisi də cənab Lütfəli bəy Behbudov idi ki, bilet satmağa və komediyanın mühüm işlərinə mübaşir olmuşdu. Teatrdan cəm olan məbləğ məxaric və məsarifdən başqa iki yüz manatdan ziyadədir. Belə ki, fəqir və kasıb şagirdlərimizə böyük kömək olundu. Qeyrətmənd cavanlarımızın xahişi var ki, iki-üç dəfə belə komediya tərtib və təşkil edib, möhtac və çarəsizlərimizə müavənət göstərsinlər. Allah onlardan razı olsun və tofiq əta eləsin. * * * "Molla Nəsrəddin" Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir. Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza". Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir. Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ə görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyəcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbir və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır. Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir. Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!" Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcək, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcəkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyəcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyəcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcək, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyəcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcəkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcəkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər". Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar. Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir. "Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir. Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkək: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir. İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcək, ya etməyəcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyəcək və bütün yeni elmlərin hamısını baykot edəcəkdir. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi-qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir. * * * Nikolay Vasilyeviç Qoqol (Yüzillik yubileyinə məxsus) Rus ədiblərinin ən məşhurlarından birisi Qoqoldur. Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır. Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin ayinəyi-həqiqətnüması edib, özlərindən sonra gələn üdəba və şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişrəvi mənziləsindədir. Qoqol və Puşkin və bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov və hal-hazırda Maksim Qorki və L.Andreyev əllərində məşəl rusların məişətinə daxil olub, onun hər səmtinə və küncünə işıq salıb, millətin yaralarını, ruhani və cismani küdurətlərini, qəm və şadlıqlarını görüb və gördüklərinin surətini və şəklini mahir nəqqaş kimi eyni ilə çəkib, bütün aləmə göstərib deyirlər: "Baxın, görün! Budur bizim millət; bu sayaqdır onun diriliyi və dolanacağı; budur onun halı, fikirləri, hissiyyatı və xəyalatı!" Nikolay Vasilyeviç təvəllüd edibdir Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan qəsəbədə, miladın 1809-cu ilində, mart ayının 19-cu günündə. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından [olub] xoş xasiyyət, eyş-işrət sevən baməzə bir şəxs imiş ki, vaxtının çoxunu kefdə-damağda keçirirmiş. Anası isə sadədil bir arvad imiş ki, hər sözə inanarmış, çox vaxt ibadətə məşğul olarmış və bəzi vaxtları da səbəbsiz qəm-qüssə və xiffət edərmiş. Qoqolun təbiət və məzacında valideyinin bu müxtəlif əxlaq və ətvarı müşahidə olunarmış. Belə ki, Qoqol gah şad və xürrəm olub, cümləni şirin və baməzə söhbətləri ilə valeh edərmiş, gah da adamlardan qaçıb, bir guşədə intəhasız qəm və ələmə mübtəla və xəyalat aləminə müstəğrəq olarmış. Qoqol on üç sinnə kimi atasının mülkündə asudə və rahat zindəganlıq edib, kənd əhlinin dolanacağı ilə aşina olmuşdur. Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ayin və adətlərini, əxlaq və adablarını bilafasilə müşahidə edib, sonralardan gördüklərinin tamamisini artıq məharətlə yazıb, özünün həqiqətnəvis bir ədibi-kamil olduğunu aşkar etmişdir. On üç yaşına yetişəndə Qoqol təlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol meyl və rəğbətini ədəbiyyata salıb, təlim işlərinə çəndan şövq və həvəs göstərmir; 1828-ci ildə bir növ gimnaziyanı qurtarıb qulluq etmək şövqünə düşür və bu qəsdlə Peterburq şəhərinə azim olur. Amma burada onun işləri arzusunca getmir və bir müddət artıq üsrət ilə dolanıb, ancaq iki ildən sonra departamentlərin birisində özü üçün alçaq bir çinovniklik xidməti tapır. Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri çox olur. Onun əvvəlinci əsərlərinə diqqət yetirib təhsin edir və gələcəkdə Qoqolun böyük və müqtədir bir ədib olmağını bildirib, bununla onun təbinə tab və qələminə qüvvət verir. Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır. Qoqolun iki böyük və mötəbər əsərinin məal və məzmununu ona Puşkin nəql edib, hər iki əsərin nə səpkü-sayaqda yazılmasını şərh və bəyan etmişdir. Bu əsərlərdən birisi onun "Revizor" ismində yazılmış komediyasıdır. Bu komediyanı, eşitdiyimizə görə, cənab Nərimanbəy Nərimanov türkə tərcümə edibdir və lakin onun yaxşı-yaman tərcümə olunmağı barəsində bir söz deyə bilmirik, çünki onu görməmişik. İkincisi "Çiçikovun sərgüzəşti", yaxud "Fövt olmuş nəfslər" ünvanında yazılmış bir əsərdir ki, misl və bərabəri yoxdur. Hər iki əsəri sonralardan Puşkin mütaliə etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demişdir: "Sən yazan kimi bunları mən bacarıb yaza bilməzdim. Hər halda sən məndən mahirsən!" Heyfa ki, "Ölmüş nəfslər"in ikinci cildi qurtarmamış, Qoqol İtaliyada ikən Puşkin dueldə qətlə yetişir. Bu xəbərdən Qoqol ziyadə qəmnak olub, dostlarından birisinə yazır: "Mənim həyatım, mənim şadlığım və tamam zövq və şövqüm Puşkinlə bahəm fövt olub getdi". Filhəqiqə, Puşkindən sonra Qoqol əhəmiyyətli və layiqi-təhsin bir əsər meydana gətirə bilmədi. Ömrünün axır vaxtlarını Qoqol fikir və əndişədə keçirib, qeyri-təbii bir hala və ağır malxulyayə giriftar olmuşdu. Vəfatına bir az qalmış "Fövt olmuş nəfslər"in ikinci hissəsini yandırıb tələf etmişdir. Vəfatı ittifaq düşüb fevralın 21-də 1852-ci sənədə. Qoqolun müxtəlif əsərləri çoxdur. Tamamisi ilə qəzetə sütunlarında oxucuları aşina etmək qeyri-mümkündür. Onlardan artıq əhəmiyyətlisi və bizim məişətimizə az-çox yaxın olanı "Revizor" adında yazılmış komediyasıdır ki, müxtəsərən onun məalını nəql etməyə iktifa edirik. Bu komediyada Qoqol xırdaca bir şəhərin çinovnikləri ilə bizi tanış edib, hər birisinin öz təbii halı ilə gözümüzün önündən keçirir. Bu çinovniklərin sərxeyli və rəisi hesab olunan qalabəyi qorodniçi Anton Antonoviçdir. Bu şəxs elm və kamalı ilə fəxr edə bilməsə də, xudadadi-əql və tədbiri ilə hamını aldada bilir. Özü öz hünərini yaxşı bilib deyir: "Heç bir kələkbaz və maşennik mənim hiylə və təzvirimdən xilas ola bilməz. Onların cümləsini soxulcan edib, qarmağa keçirib balıq tutaram!" Anton Antonoviç öz əqidəsində sabitqədəmdir. O öz günahını kamalınca düşünür, amma bununla özünə təsəlli verir ki, dünyada bir adam tapılmaz ki, onun günahı olmasın. Allah özü dünyanı belə yaradıbdır; heç kəs günahdan pak deyil. Anton Antonoviç yaman rüşvətxordur. Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan parçalardan donluq göndərsinlər, xanımın və ya özünün ad qoyulan günləri təbrik edib, ləyaqətli hədiyyələr gətirsinlər. Bunlardan əlavə, Anton Antonoviç sövdəgərlərlə əlbir olub, podrat işlərinə qarışır. Kilsə təmiri üçün xəzinədən buraxılan pulu yeyib, lazım olan məqamlara onun yanıb fövt olmasını xəbər verir. Xülasə, hardan ki, bir şey qoparmaq mümkündür, müzayiqə etmir. Doğrudur, onun bu gunə xilafi-zakon işlərindən xəzinəyə və camaata zərər yetişir, amma özünə xeyir hasil olur: camaatda səbr və xəzinədə pul çoxdur. Qalabəyidən sonra Qoqol sair çinovnikləri meydana çıxarır. Bunlar dəxi bir-birindən bədtər, rəzil və fürumayə adamlardır. Bunlardan kimisi qalabəyi kimi rüşvətxor, kimisi tənbəl, bəzisi axmaq və səfeh, tamamisi əxlaqsız, qorxaq, gülünc, gülməli bədbəxt kimsələrdir. Bu çinovniklərdən heç birisi öz işinə məşğul deyil: sudya Lyapkin-Tyapkin sud işlərini bilmərrə unudub, ancaq öz əql və kamalından dəm vurur. Onun heç bir şeyə etiqadı yoxdur. Kilsəyə getmir, şam yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o, kəmali-iftixarla cavab verir: "Bu mərtəbəyə öz əqlimlə çatmışam". Mərizxananın naziri Zemlyanika öz oğurluğu və fitnə-fəsadı ilə şəhərdə şöhrət kəsb edibdir. Mərizxanada naxoşlar çibin kimi qırılır. Onların müalicə və mühafizəsi üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib, heç birisinin qeydinə qalmır. Poçt naçalniki Şpekin sadədil bir adamdır ki, poçta salınan kağızları açıb oxumaqdan ziyadə həzz aparır. Şəhər şkolasının müdiri Xlopov çox qorxaq və hər şeydən ehtiyat edən bir şəxsdir. Həkim Xristian İvanoviç rus dilini bilməyən qəribə bir vücuddur. Mərizlərə həmişə ucuz dərman verir, çünki, necə ki, Zemlyanika deyir: "Avam adam naxoşluqdan sağalsa, dərmansız da sağalacaqdır, ölsə, dərman versən də öləcəkdir". Dobçinski və Bobçinski--bunlar çinovnik deyilsələr də, həmişə onların dairəsində gəzib, harada aş olsa, orada başdırlar. Hər yerdə nə xəbər olsa, əvvəl bunlar eşidəcəklər və birinin üstünə beşini qoyub, ötənə, keçənə nəql edəcəklər. Bu kampaniyanın hamısı uzaq və adsız bir şəhərdə olur ki, haqqında Qoqol deyir: "Əgər üç il bu şəhərdən at çapasan yenə də heç bir məmləkətə çata bilməzsən". Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib içməkdə, kart oynamaqda, boş və biməzmun söhbətdə keçirirlər. Arvadları və qızları dəxi özləri kimi günlərini bəzək-düzəkdə, roman oxumaqda, qayibanə aşiq olmaqda, qeybət qırmaqda, aralıq vurmaqda, dalaşıb-barışmaqda zay edirlər. Çinovniklərin bu gunə rahət və qeydsiz dolanacağı qəflətən iztirab və təşvişə çevrilir. Belə bir xəbər çıxır ki, Peterburqdan məxfi çinovnik təyin olunub, bütün quberniyanın işlərini təftiş etməyə; xüsusən, bunlar olduğu şəhərin. Bu xəbər hamının ürəyinə qorxu salır. Çünki heç biri günahdan pak deyil, hamının üstü pərdəli eybləri və paxırları var. Cümlədən ziyadə qorxu qalabəyinin canına çökür. Artıq əl-ayağa düşüb, başlayır şəhərin işlərini qayda və nizama salmağa. Qorxunun şiddətindən və vahimənin təsirindən əvvəlcə Bobçinski və Dobçinski və onların dalınca şəhərin tamam çinovnikləri Peterburqdan gəlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik imiş, revizor hesab edirlər. Xlestakov isə yolda pulunu uduzub, burada cibləri boş qastinsada əyləşib qalıbdır. Qastinsaçı ona yemək də verməyir və biçarənin aclıqdan qarnı quruldayır. Qoqol Xlestakovun tipini, yəni onun nə qisim adam olduğunu artıq məharətlə təhrir etmişdir. Xlestakov özünü öyən, fikirsiz, yalan danışan, acığı tez tutub tez də soyuyan, israf xərc edən, dəqiqədə sözünü dəyişdirən, başda söylədiyi ilə ortada və ayaqda söylədiyi düz gəlməyən və biri-birinə zidd olan, arsız və qeydsiz və imsalı hər yerdə görünən bir cavan idi ki, hər kəs olsaydı, əvvəl dəfədə onun boş və yüngül bir vücud olduğunu dərk edə bilərdi. Amma nə eyləmək, qorxu yaman şeydir, qorxudan bunların hamısının gözlərinə pərdə çəkilir və özlərini itirirlər. Qalabəyi kimi pürfən, mühil və hərraf adam tora düşür, Xlestakovun boş və ağılsız olduğunu anlamayıb, onu məxfi təyin olunmuş revizor sanır və beləliklə, çaşıb, əql və tədbirini itirir. Qalabəyi Xlestakovu mehmanxanadan artıq ehtiram və təntənə ilə öz evinə gətirir. Burada nahardan sonra şərabın təsirindən ağzına gələn hədyanı söyləyir. Guya o, Peterburqda əvvəlinci adamdır, o olduğu balda və qonaqlıqlarda ancaq vəzirlər və generallar olur. Bu ziyafətlərdə süfrəyə elə qarpız gəlir ki, qiyməti yeddi yüz manatdır. Sup qazanlarda düz bir [başa] Parijdən paraxodlarda gəlir, qazanın ağzını açanda ətri hamını valeh edir. Onun preferans yoldaşları Firəngistan, Almaniya və İngiltərə səfirləri və bir də ümuri-xaricə vəziridir. Hər səhər hələ o yuxudan durmamış onun qapısında qraflar və knyazlar arı kimi vızıldaşırlar. Bir kərə ona departamentin direktorluğunu təklif etdilər, amma o qəbul eləmirdi. Bu barədə ona hər tərəfdən elçi və minnətçi saldılar, kuryerlər dalbadal gəlib gedirdi, belə ki, tək kuryerlərin hesabı otuz beş minə çatmışdı. Məşhur Puşkin onun yaxın dostudur və onun özü dəxi adlı və hörmətli ədiblərdən birisi hesab olunur. Çinovniklərdən heç biri bu sözlərin hədyan və başdan ayağa yalan olduğunu anlamayıb, bu hədyənatı eşitdikcə dəxi də artıq qorxuşurlar və canlarına titrətmə düşür, əl-ayaqları əsə-əsə ona pul verirlər. Xlestakov qızışıb deyir: "Mənim hökmlərim dəfətən cari olur!" Doğrudan da, bir tərəfdən qalabəyidən pul borc alır, digər tərəfdən sövdəgərlərin şikayətinə qulaq asıb hiddətlə deyir: "Mən onu qulluqdan qovaram!" Bir tərəfdən qalabəyinin arvadına aşiq olur, digər tərəfdən qızına elçi düşür və axırda özündən ağıllı və tədbirli olan nökəri Osipin məsləhətinə qulaq asıb oradan gedir. Qalabəyi və sair çinovniklər çox sevinib şad olurlar ki, revizoru razı eləyib yola saldılar. Hamıdan artıq qalabəyi sevinir ki, qızını revizora namizəd etməklə belə böyük və möhtərəm Peterburq çinovniki ilə bir qohumluq əlaqəsini bağladı. Şəhər əhli onun evinə cəm olub, hərə bir növ onu təbrik edirlər və gələcəkdə onun uca mərtəbəyə yetişəcəyini şadlıq ilə xəbər verirlər. Bu hində poçt naçalniki Şpekin daxil olub, məclis əhlinin kefini pozur. Bu cənab Xlestakovun yoldaşına yazdığı kağızı xəlvət açıb oxuyub və ondan bilib ki, Xlestakov əsla revizor deyil və kağızında onların səfahətinə gülür. Məclis əhli əvvəlcə Şpekinin sözlərinə inanmayır və qalabəyi qeyzlə onu təhdid edib deyir ki, sən nə cürət edib belə bir böyük adamın haqqında bu gunə iftiraları söyləyirsən, o mənim yeznəmdir. Bu gunə zarafatlar sənə nəf gətirməz. Bu sözlərin müqabilində Şpekin Xlestakovun kağızını başlayır oxumağa və əhli-məclis bir-bir özlərinin övsafi-zəmimələrini oxuduqda qızarıb bozarırlar. Amma bununla belə şübhədən dəxi çıxırlar. Qalabəyi Xlestakov kimi axmaq və yelbeyinin birisinə aldanmağına tab gətirə bilməyib, acığından az qalır dəli olsun. Bu halda qapı açılıb jandarma daxil olur və həqiqi revizorun Peterburqdan gəldiyini və onları öz hüzuruna bilatəxir tələb etdiyini xəbər verir. Bu dəhşətli xəbərdən əhli-məclis mat və məbhut qalır.... Burada pərdə salınır. Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu necə ki, Rusiya dövləti vardır, onlar da sağ və salamat qalacaqlar. Əlli sənə bundan əvvəl Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlərində müşahidə etmək olur. Onun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz vəzifəsini anlamayan, camaata zülm edən və həməvaxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər və mahallar doludur. Bizim çinovniklərdən bəzisi atbaz, bəzisi itbaz, kimisi ovçu, kimisi rüşvətçi, kimisi fəsadçıdır, amma həqiqi qulluqçu olanları azdır. Qoqolun təbiət və xasiyyətində hər bir şeyin künhünə göz yetirmək, mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri Qoqol kimi adamların üstə elə zərifanə gülmür və oxucuları güldürmür. Qoqolun gülməyi qəribə bir gülməkdir. Bizim məişətimizdə gülünc, gülməli və rişxəndə səbəb olası ayin-adətlər, müxtəlif işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların hamısının üzünə adamların falşivi rəftar və əlaqələrindən toxunmuş bir pərdə çəkilibdir ki, hər adama onun alt tərəfini görmək qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəraibata baxıb, naziganə gülür və bizə göstərib, bizi də güldürür. Qoqol zatən psixoloq yarandığı üçün adamların boşluğunu, səfahət və həmaqətini, büxl və həsədini, zülm və şərarətini görür və bunu da görür ki, onlar nə növ zahiri əda və hərəkatları ilə istəyirlər qeyriləri aldatsınlar və özlərini ağıllı, tədbirli, səxavətli, insaflı və mürüvvətli göstərsinlər. Adamların bu ikiüzlülüyü, bu saxtakarlığı, bu hiyləsazlığı Qoqola gülünc gəlir, o gülür və bizim gözümüzü də həqiqət hala açıb, bizi də güldürür. Amma Qoqol acı və ürək yandırıcı gülüş ilə gülür. Zahirdə güldüyü adamların halına batində ağlayır və bu barədə o yazır: "Aləmin gözünə görsənən gülməyimin altından nəzərə gəlməyən göz yaşım axır....". Necə ki, "Revizor"da, habelə də "Fövt olmuş nüfus"da Qoqol məişətin qaranlıq tərəfini, zülmət və cəhalətlə dolmuş hissəsini yazıb göstərir. Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat və mikrobları böyüdüb göstərir. Qoqol belə rəvayət edir ki, "Ölmüş nüfus"un əvvəlinci bablarını Puşkinə oxuyanda o, fikrə getdi. Onun bu halına təəccüb etdim, çünki o həmişə mənim yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mən oxuduqca o bikefləndi və axırda bilmərrə rəngi tutuldu, mütəğəyyiri-hal oldu. Mən oxumağı qurtardım. O, ürəkdən bir ah çəkib dedi: "Pərvərdigara! Bizim Rusiya nə pürğəm və pürməlal məmləkətdir!". Bizim ədiblərimizdən mərhum Mirzə Fətəli Axundov asari-qələmiyyəsi ilə Qoqola çox bənzəyir. Mirzə Fətəli dəxi öz komediyalarında xəyalat gücü ilə və savad zoruyla bir şey yaratmayıb, hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin övzai-əhvalından götürübdür. Mərhum Mirzə dəxi zahirdə yazdıqlarının üstə gülürsə də, batində ağlayır və həqiqətən bir az dərin fikir etsək görərik ki, onun Molla İbrahimxəlili, Hacı Qarası, Hatəmxan ağası, Tarıverdisi, Ağa Mərdanı və qeyriləri yazıq və bədbəxt adamlardır ki, onların halına gülməkdən isə ağlamaq lazımdır. [Ruslar] büsat açıb cəşn və bayram edir. Bu böyük milli bayram ilə biz dəxi rus ədiblərini və rus millətini təbrik edib onların qədrşünas olmaqlarına təhsin oxuyuruq. Aya, Mirzə Fətəli Axundovun yüz illik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə dəxi millət hissi və milliyyət damarı ayılacaqdırmı, biz də öz ədiblərimizin şan və şərəfini, qədr və qiymətini dərk edəəyikmi?! * * * Qarabağda Cavanşir mahalının əhval və övzasına dair Əlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir: O viladə bir mehriban görmədim, Gəlmişəm indi də Mehriban gəzəm. Seyr eyləyim tamam Tərtərbasanı, Varmı aşiqinə can qıyan, gəzəm. Tülək tərlan ovlağıydı bu yerlər, Bərdə torpağına eyləyim güzər, Görüm qalıbdırmı Şirindən əsər, Baxam hər tərəfə, nigaran gəzəm. Xosrovi-Pərvizin şanü şövkətin, Fərhadın ələmu qəmu möhnətin, Şapurun çəkdiyi nəqşü surətin, Arayıb-axtarıb bir zaman gəzəm. Dolanıb sərasər Çarsubazarı, Gətirəm nəzərə səmti-minarı, Görsəm, xəbər allam bülbüli-zarı, Necə oldu ol gül, gülüstan, gəzəm. Deyim hanı bunda gəzən gözəllər? Teyhulu meşələr, sonalı göllər? Çayın kənarında tikilən ellər? Yoxdu heç birindən bir nişan, gəzəm. Ol baş-başa verən sərvi rənalar, Hər guşədən gələn sövtü sədalar, Zərrin piyalələr, meyi-səhbalar, Gərdişi-badeyi-ərğüvan gəzəm. Bu minval ilə şikəstə Zakir bülbüli-zardan əhval-pürsan olub deyir ki, bu diyarın adət və qanunun mən təvarixdə oxumuşam, onları xeyli müstəhsən yazıblar. Bayram gecələri Bərdə şəhəri sübhə kimi çıraqban olub, onları eyş-işrətdə keçirirlərmiş, əmirzadə və bəyzadələr boynu qiladəli səgi-şikar ilə ceyran ovuna gedirlərmiş. Böyüklər astanasında pəhləvanlar və qızmış dəvələr kuşti tutarlarmış. Bir yandan cavahirfüruşlar, bir tərəfdən zərgərlər nazənin gözəllərə ziynət və yaraşıq əsbabı mühəyya edirlərmiş. Karvansaralarda və mehmanxanalarda səyyahlar, tacirlər, qələndərlər və hər qisim qəriblər gecələr sübhədək nəql və hekayətlər söylərmiş. Aya, bunlardan indi də bir əsər varmı? Rücu edək şairin öz kəlamına: Gecə-gündüz daim bangi-cərəsdən Qulaq tutulurmu sədadən, səsdən? Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzəm. Sayeyi-sərvdə məcməi-xuban, Yenə əyləşirmi xoşdilü xəndan? Yoxsa ki, onlara saqiyi-dövran İçiribdir mey yerinə qan, gəzəm. Nazəninlər ta tülui-afitab, Oturub gecələr çəkərmi gülab? Çeşmi-aşiq kimi fəvvarədən ab Tökülürmü hövzə nümayan, gəzəm. Müzəyyən məhəllələr və münəqqəş evlər irəliki halda dururmu və onların içində yenə xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurmu? Töylələrdə köhlən atlar çığrışırmı? Hamamlarda sular fəvvarə edirmi və onlar əzəlki kimi şirin işləyirmi və onlara külli ağçalar sərf olunurmu? Teyhulu meşələrdə, güllü və sünbüllü bağçalarda seyr edənlər, qız-gəlinlər qaqqıldaşa-qaqqıldaşa gəzirlərmi, yoxsa onların heç birindən bir əsər yoxdur? Bülbüli-şikəstədil Zakir fəqiri bu xəbər ilə məyus və peşiman eləyir. Bülbüli-biçarə verdi xəbəri, Dedi ki, qalmayıb şənlik əsəri, Mən Zakirəm, onu görəndən bəri Gərək cünun olub, biyaban gəzəm. Hər kəs Zakirin bu kəlamını başdan ayağa diqqətlə oxusa və o yazdığı yerləri seyr edib, oranın əzəlki şükuhlu halı ilə indiki pərişan halını nəzərə gətirsə bilaşübhə onun ürəyi qanla dolub, gözlərindən yaş tökülər. Necə ki, bülbüli-zarın verdiyi əhvali-pürməlal Zakirin halını pərişan edib, onu məcnun-sifət kuh-biyabana salır. Keçmişdəki tərəddüd və abadanlıqdan, cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib, Qarabağın və xüsusən Cavanşirin övzasını özgə bir pərişan halda tapıb, əhvalatı, necə ki var, artıq məharətlə öz dusti-həqiqisi olan Mirzə Fətəli Axundova yazır və öz vilayətindən və müasirinin əxlaqü ətvarından və rişti-kirdarından söz açıb, onları birbəbir zikr eləyir və deyir: Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti-Qarabağ. Həqdi, bundan əzəl görübsən sən də, Hanı o qaidə, o qanun, səyaq? Qüttaüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır, Yenə tuthatutdur, apar-apardır, Bizim başımızda çattadı çanaq. Həddən aşıb büxl, həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət, Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. ilaxir. Təəccüb budur ki, necə ki, əlli sənə bundan əqdəm Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir, demək olur ki, haman halda qalıblar, irəliki adət və qaydaları üzrə zindəganlıq etməkdədirlər. Zahirdə guya ki, bir azacıq tərəqqi ediblər, amma həqiqi və mənəvi tərəqqidən çox uzaqdadırlar. Buradan Zakirin yazdığını qoyub, öz hisslərimi və gördüklərimi söyləmək istəyirəm. Xeyli vaxtdan bəri Qarabağa ayağım düşməmişdi və onun övzayi-əhvalından xəbərim yox idi. Gürcüstanın ortasında zindəganlıq edib və onun ab-havasına və gürcülərin ayin və adabına və təriqü sülukuna adətkərdə olub, vətəni-məlufu bir növ xatırımdan kənar etmişdim. Nə qədər ki, Gürcüstan ab-havası xoşdur, bir o qədər də gürcülərin özü gözəl tayfadır. Qəribnəvaz, sadədil, eyş-işrət sevən, açıqüzlü, şirin sözlü, halal, kin və kədərsiz nəcib bir millətdir. Bu axır vaxtlarda gürcülər tərəqqi yolunu tapıblar və aşkara irəli getməkdədirlər. Oktyabrın 17-sində elan olunan hürriyyət və azadəlik Qafqaziyada, demək olar ki, hamıdan artıq gürcülərə təsir edib, hamıdan ziyadə onları cünbüş və hərəkətə gətirdi və hətta onları cürbəcür iddialara saldı. O gündən bəri "Sağ olsun hürriyyət, sağ olsun ittihad, ittifaq, qardaşlıq və azadəlik" sədası kəndlərdə və şəhərlərdə böyükdən tutmuş xırda uşaqlara kimi hər bir sinfi-xəlqin dillərində cari olmaqdadır. Azadəlik sevən, qardaşlıq axtaran, ittihad və ittifaq arzusunda olan milləti kim istəməz, kim belə millətə afərin oxumaz? Gürcülərin bu bəşaşətini, bu ali hisslərini və bu gözəl təmənnalarını görüb və hər gün kəndlərdən dəstə-dəstə gələn rəiyyətlərin şəhər meydanında və Çarsoybazarda toplaşıb ruznaməyə diqqətlə qulaq asmaqlarını müayinə edib, qəlbim şad olurdu və öz-özümə deyirdim: Görəsən, aya, bizim müsəlmanlar da öz qonşuları gürcülər kimi bu fərəhəfza və həyatbəxş azadəlik xəbərini eşidib şadlıq edirlərmi və az-çox tərəqqi yoluna düşüblərmi? Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? Dövləti-əliyyəmizə düşmən şuriş və inqilabdan, övzai-aləmdən və gərdişi-zəmanədən xəbərləri varmı? Nə haldadırlar və necə dolanırlar? Bu fikirdə ikən iş belə gətirdi ki, inqilab, iğtişaş mən olduğum şəhəri dəxi əhatə elədi və qulluq etdiyim darülmüəllimin və onun cünbündə olan müsəlman şöbəsi bağlandı. Şagirdlər dərsdən azad olub buraxıldı. Fürsəti qənimət bilib, mən dəxi Cavanşirə azim oldum, vətəni-məlufu ziyarət edib, qohum-qardaş, dost-aşna ilə görüşüb, şad və xürrəm oldum. Və lakin çox çəkmədi ki, biz də Zakir kimi arzularımıza nail olmayıb məyus qaldıq. Fərəh və şadlığımız qüssəyə mübəddəl oldu. Vətəndaşlarımın dünyadan bixəbər olmaqlarını, cəhalət və zəlalət dəryasında zar və zəbun qalmaqlarını müşahidə edib pərişanhal oldum. Onlarda nə hürriyyətdən bir xəbər, nə ittihad və ittifaqdan bir əsər görmədim. Hal-hazırda vüquə gələn iğtişaşdan və mühüm məsələlərdən onların əsla xəbəri yoxdur. Bir sayaq qəflət yuxusuna qərq olublar ki, bəlkə suri-İsrafil dəxi onları haman qəflət yuxusundan bidar etməkdə aciz qala. Burada mən biləks ittihad əvəzində ixtilaf, ittifaq yerində nifaq, qardaşlıq yerinə düşmənçilik, büğz və ədavət, hürriyyət əvəzində übudiyyət və dənaət görüb, ürəyim qəm və qüssə ilə doldu. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, -- sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, -- geridə qalmaqları və bir-birinin malına və canına düşmən olmaqları məni heyrətə saldı. O Cavanşir ki, keçmişdə onun tərif və tövsifi və əhalisinin qeyrət və hünəri dillərdə söylənirdi, indi Qarabağın pərişan mahallarından birisi hesab olunur. O Cavanşir ki, onun qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir, turacın və qırqovul vətənidir, meşəli, bağlı Qarabağın ən dövlətli və ən səfalı bir mərkəzidir, heyfa ki, o Cavanşir elm və mərifətdən xali qalıbdır. Onun yetirdiyi məhsulat tamamən əcnəbilərin xeyir və mənfəəti üçündür. Cavanşirin ağazadə və bəyzadələri çox isə də, aralarında ittifaq, sülh və mehribanlıq yoxdur. İttifaq və mehribanlıq olmayan yerdə, əlbəttə, səlah və tərəqqi də olmaz. Və buna biz özümüz şahid olduq. Neçə dəfələr bəzi mühüm və lazımlı məsləhətlər üçün bəyzadə və xanzadələr və rəiyyət tayfasının ağsaqqalları bir yerə cəm olub, müşavirə və müzakirə etdilərsə də, axırda məniyyəti-qərəzi-nəfsi və mənfəəti-şəxsi ucundan aralığa ixtilaf saldılar. Birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yeritmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar. İş yatdı, məsləhət pozuldu, millət və islamiyyət unuduldu. Fitnə və fəsad qalxdı, oğrular və yol kəsənlər ölkəni çapıb talan elədilər. Yenə Zakir əleyhirrəhmənin əlli sənə bundan əvvəl yazdıqları yadıma düşdü. Öz dostu Mirzə Mehdiyə belə yazmışdı: Canə yetdim dərdü qəmi möhnətdən, Qurtarmadım əndişədən, xiffətdən, Başımı götürüb, bu vilayətdən Getməliyəm bir diyara, əzizim! Bizlər kimi bir-birinin bədxahı Tapılmaz, gəzəsən aləmi dahı, Onun üçün qəzəb edib ilahı, Xayinik aşnaya, yara, əzizim! Yenə təzə oğurlanıb bir yabım, Dəxi ziyanlığa qalmayıb tabım, Budur sizə əvvəl-axır cavabım. Bu işə eyləyin çara, əzizim! Fəqir-füqəranın qoyunu, malı Yarım saat deyil xətadan xalı, Sakit, etmişdiniz bu qiyl-qalı, Yenə qarışıbdır ara, əzizim! Filhəqiqə, Cavanşirdə oğurluq ziyadə şiddət edibdir və bu halda fəqir-füqəranın malı bir dəqiqə xətadan xali deyil. Nə divanda bir hökumət var ki, oğrulara tənbih edə və nə camaatın özündə bir tədbir və səlah var ki, öz içlərində olan bəd və bihesab işlərə çarə qıla. Cavanşiri biz bu pərişan halda qoyub, yenə gürcülərin içinə qayıtdıq. Cavanşir bəlkə keçmişdə həqiqətən "Cavan şir" imiş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur.... * * * Qaranlıqda qalanlarımız Rusların məşhur ədibi və timsalnəvisi Krılov "Ağacın yarpaqları və kökləri" adlanan bir timsalında yazır: "Baharın gözəl bir günündə ağacın yarpaqları səhraya kölgə salıb, sabah yeli ilə şirin söhbət edirdilər və özlərini tərif edib zəban-hal ilə səbadan sorurdular: Məgər bu səhranı ziynətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? Əgər biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən? Biz deyilikmi qızları və gəlinləri öz sayəmizin altına rəqsə gətirən, biz deyilikmi sübhlər və axşamlar bülbülü şövqə və həvəsə gətirib, ona gözəl nəğmələr oxutduran və sən özün, ey səba, müttəsil bizimlə olurdun, bir dəqiqə bizdən ayrı qala bilərsənmi? Bu sözləri eşidib, yerin altından ağacın kökləri həzin səslə dedi: Bizi də bir yada salıb razılıq etsəniz nə olur? Yarpaqlar qeyz ilə cavab verdilər ki, siz kimsiniz, sizin nə cürətiniz var ki, bizimlə belə küstaxanə mükalimə edəsiniz? Ağacın kökləri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir sənəlikdir. Hər yazdan yaza siz təzələnərsiniz. Amma biz həmişə qaranlıqda işləyib sizə həyat veririk! Əgər biz olmasaq nə ağac səlamət qalar və nə də sizdə bu lətafət və təravət olar". Bu timsalı burada zikr etməkdən muradımız budur ki, bizim müsəlmanların nücəba və əhli-kəmalı öz kökləri və rişələri mənziləsində olan rəiyyət tayfasını, əkinçi və cütçü qardaşlarını unudub, bilmərrə onların qeydinə qalmazlar. Və hətta biz onlara bir növ nifrət və həqarət gözü ilə baxıb, onları xar və zəlil tuturuq. Mayeyi-həyatımız və səbəbi-eyşü zindəganımız olan ziraət əhlinə "qara rəiyyət" adı qoyub, onlardan özümüzü kənar tuturuq və onlar ilə ülfət və mülaqat etməyi kəsri-şanü şərafət hesab edirik. Ancaq öz zahiri kamal və tərbiyəmizlə, nəcabətimizlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münəqqəş otaqlarımızla iftixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşlarımızın dad və harayına yetişmirik. Bu sayaq onları özbaşına və öz halına qoyduğumuza görə onlar da gün-gündən cəhalət dəryasına qərq olmaqdadırlar, icz və zəlalətləri şiddətlə artıb çoxalır, dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. Yüz sənə bundan əqdəm nə halət və nə dərəcə istitaətdə vardısalar, indi də o halda müstəhkəm durublar. Müddəti-mütəmadi bir halda qalmaqlıq dəlili-tənəzzüldür. Çünki bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürətlə irəli gedib, bizi geridə qoyublar. Bizim müsəlmanlar isə bir nöqtə üstündə sabitqədəmdirlər. Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. Kəndlərimizdə əcəlsiz, dərmansız və müalicəsiz ölənlərin həddu hesabı yoxdur, nə əczaxana, nə mərizxana və nə elmli həkim və cərrah gözə dəymir.... Ətfali-müslimin tərbiyəsiz və elmsiz qalıb ataları və babaları kimi dünyadan bixəbər, vəhşət və zülmət içrə zindəganlıq edirlər. Üləmalarımız və vaizlərimiz şəhər zindəganlığını kəndlərdə avam dehqanlarla müaşirət etməyə tərcih və təfəvvüq qılıb, öz nəf və xeyirlərinə və əmn-asayişlərinə xələl yetirməzlər... Cavan müəllimlərin əksəri ki, darülmüəllimində kəsbi-maarif ediblər, bir sənədən artıq kənddə qalıb müəllimlik etməzlər və qaranlıqda qalan qardaşlarını ziyalandırıb, gözlərini açmağı özlərinə borc bilməyib, yüz cürə vasitələrlə onların içindən çıxıb qaçmağı və özlərini şəhərə salmağı böyük hünər bilirlər. Ali mədrəsələrdə ki, ibarət ola universitetdən, qisim-qisim institutlarda və akademiyalarda ikmali-təhsil edənlərimizin heç birisi özünə bu əskikliyi və həqarəti qəbul etməz ki, gedib kəndlərdə cəhl və nadanlıq qaranlığında qalan din qardaşlarını qəflət yuxusundan oyatsın və öz elm və mərifəti ilə onları da nurlandırsın. Universitetin axırıncı kursunda elm təhsil edən dövlətmənd bir ağazadə ilə millətimizin geridə qalmağı barəsində söhbət edirdim. Əsnayi-göftüguda ondan soruşdum ki, universiteti qurtarandan sonra niyyətin harada qulluq etməkdir? Cavab verdi ki, harada pulu çox versələr, orada. Cavani-məzbur əgər ki, ibtidai-kəlamda vətənə xidmət etməkdən və millətpərəstlikdən dəm vururdu, amma burada öz ürəyinin əsil niyyətini bilaixtiyar izhar elədi. Və filhəqiqə haman cavan əlan Bakı milyonçularının birisinə xidmət eləyir. Bəli, qızıl-gümüşün qüvvəyi-cazibəsi müqabilində heç bir əfkari-aliyəmiz tab gətirə bilmir. Təəccüb budur ki, hansı bir ziyalı və mədəniyyətli müsəlman qardaşı dindirirsən ahi-cigərsuz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi. Gərəkdir çalışaq, gərəkdir rahatlığı özümüzə haram edək, milləti oyadaq, onun uğrunda can və maldan keçək, ona tərbiyə verək, elm nuru ilə onu işıqlandıraq" və bu qisim laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər. Amma həqiqətdə heç biri öz şəxsi mənfəətlərini millət xeyrinə fəda etmir. Axırda baxırsan ki, yenə "qara rəiyyət"i öz fəna və pürməlal halları üzrə buraxıb, özlərini şəhərə salırlar. Qaranlıqda qalanlarımız dəxi kor-korana bir-birini tapdalaya-tapdalaya zülmət içrə heyran və sərgərdan qalırlar. Mordəra mordə key konəd bidar?[1] [1] Tərcüməsi: Ölünü ölü necə oyadar? Tiflisdə sülh məclisinə daxil olan ərbabi-kəmal vəkillərimiz bu halı nəzər-diqqətə alıb, ümumi Qafqaz müsəlmanına məccanən təlim və tərbiyə vermək məsələsini meydani-müzakirəyə qoymuşlar və əsnayi-müşavirədə bu məsələ cümlənin diqqətini cəlb edib. Qonşularımız erməni vəkilləri dəxi bu barədə bizim vəkillər ilə müttəfiq və müttəhid olublar.... Ümidvaram ki, bundan sonra qaranlıqda qalanlarımız üçün dəxi işıq, nicat və səadət yolu açıla və bəlkə bundan sonra ikmali-təhsil edənlərimizin qəlbinə dəxi bir həqiqi məhəbbət düşə ki, qaranlıqda qalanlarımızın nicat və səadəti yolunda can-dildən sərfi-hümmət edələr. * * * Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat "İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir. Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil. "İrşad"ın 22-ci nömrəsində Qazaxdan cənab A.Ğ. imzasında bir şəxs Kazım ağanın barəsində bir neçə məlumat vermişdir və lakin onlar haqq və doğruya müvafiq olmadığından məzkur Kazım ağanın haqqında bir neçə söz danışmağı lazım gördük. Kazım ağa Salik, doğrudur, Qazax mahalında Şıxlı qəryəsində təvəllüd edibdir. Təvəllüdü ittifaq düşübdür hicrətin 1195-ci sənəsində. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, indi Şamxor deyilir; anası dilbazlardandır. Salikin babalarına Şeyxzadə deyirlərmiş ki, sabiqdə qazaxlı qəryəsində sakin olarlarmış. Sonradan Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini binə etdiribdir və şair orada vücuda gəlibdir. Bu halda da Şıxlinskilərin bir parası Qazaxlıda və bir parası Şıxlı qəryəsində sakindirlər. Öz əsil-nəsəbi barəsində şair Tubu adında bir sevgilisinin mədhində yazdığı şerdə deyibdir: Adım Kazım, vəli Salik ləqəb, şeridə məşhuram Ki, əvtanım kənari-Kür, şikargahım Qarayazi. Binayi-bixi-nəxl əslimiz Şəmkiridir, amma Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi. Şeyxizadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan, Şıxılı qəryəmizdir, həm bizik ol qəryə ezazi.... ilaxir. Cənab A.Ğ. yazır ki, Kazım ağa iyirmi beş il bundan irəli vəfat edibdir. Belə deyil: Kazım ağa vəfat edibdir hicrətin 1258-ci tarixində. Qəməri hesabı ilə onun vəfatından altmış yeddi ildən dəxi bir az artıq keçir. Mərhumun tarixi-vəfatı öz qəbrdaşı üstə yazılıbdır. Məlum ola ki, Kazım ağa Qarabağ şairləri Valehin və Mədədov Mirzəcanın və qubalı Abbasqulu ağa Bakıxanovun müasiri olubdur. Mirzəcana yazdığı bir şerində onu tərif edib deyir: Sənsən cahanda fikri-bikrlə misli-Məryəm, Nola çıxarsa şerin İsatək asimanə. Bu şairlər isə 70-80 sənə bundan irəli vəfat edib dünyadan gediblər. Və bir də cənab A.Ğ. yazır ki, Salik oğlunun bədəxlaq olmasını bilib, bir uzun şer yazır və axırında belə deyir: Saliki dünyadan kəm etmə tarı, Söylənsin məclisdə şirin göftarı, Bir zaman tapılmaz nəzmi-əşarı, Deyərlər dünyadan Kazım gedibdir. Bu şerlərdə Kazım ağanın oğlunun pisliyinə və bəd övlad olmağına bir işarə yoxdur və bunların o mətləbə əsla dəxli yoxdur. Bu şer çox uzun deyil. Bu barədə A.Ğ. səhv ediblər. O şer qafiyələrdən ibarətdir ki, şairin eyş və səfası, dərd və ələmə təbdil olmağı babında deyibdir: Mən Tubiyəm, dövran mənə zülm etmiş, İşvəm əksilibdir, nazım gedibdir. Dəxi məndən kimsə şadlıq ummasın, Gördüyün söhbətim, sazım gedibdir. Əlimdə dairə dövran elərdim, Çoxları özümə heyran elərdim, Hərdəm gəştə çıxıb seyran elərdim, Qışım qayıdıbdır, yazım gedibdir. Gündən-günə artar nə ah-zarım, Gülməz üzüm, heç açılmaz üzarım, Necə əksilməsin meyli-şikarım, Əlimdən tuyğunum, bazım gedibdir. Baş götürüb burdan qaça bilmənəm, Etdiyim iqrardan keçə bilmənəm, Dərd budur ki, dərdim aça bilmənəm, Yar ilə bir gizli razım gedibdir. Saliki dünyadan kəm etmə tarı, Söylənsin məclisdə şirin göftarı, Bir zaman tapılmaz nəzmi-əşarı, Deyərlər dünyadan Kazım gedibdir. Kazım ağa öz əsrinin qabil, xoştəb və şirinkəlam şairlərindən birisi olmağı əşarından anlaşılır. Əhibbalarından knyaz Plendova ki, o vaxtı Qazax mahalının hakimi imiş, yazdığı bir kəlamında bəzi şairləri belə tərif və tövsif qılıbdır: Sənə daim işim xeyr-duadır, Əgərçi saxlayan xalqı xudadır, Dəmadəm bülbüli-təbim sədası, Səhərgahan sənə mədhü sənadır. Oxu şerimi, ey məhrumzadə, Bilirsən ancaq ixlasım sanadır, Xudavəndə, Plendovun nicatın Füzun et kim, mənim dəstim onadır. Ədalət, həm hidayət ver ona, çün Ki, məlcəyi-məsakinü gədadır, Qamu aləm bulub ondan məramın, Nə tənha şəfqəti ancaq manadır. Kəmalü rifəti-Şirvan məlum, Maarif mədəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda: Biri Ağabəy və Mirzəbabadır. Biri Qüdsi ləğəb Abbasqulu bəy, Diyari-nəzmi-şerə padşadır. Qazax içrə olub şairlər, amma Əsami onların biintəhadır: Biri Vaqif ki, məşhuri-xəlayiq, Gözəl mədhində məlumi-şümadır. Biri Xəstə Vidadi təbi mövzun Ki, bəhri-nəzmi-şeri cabəcadır. İlahi, ol iki məğmum pirin, Günahı dərdinə səndən dəvadır. Biri Şair ləqəb məzlum şair, Xədimi-padşahi-Kərbəladır. Biri Arif, ona cövr etdi dövran Ki, qürbətdə şəhidi-mübtəladır. Xudavəndə qulundur Əbdürəhman, Tərəhhüm qıl biri çün Mustafadır. Mahali-Borçalıdan şair olmaz, Çıxan bir Şəmsəddinlidən Cəladır. Bunun tək Qələlidən gəldi Rizvan, Kəlami-nüsxəsi behcətnümadır. Biri Sadiq, biri Kazım, xülasə, Oların ismi ismi-övliyadır.... Əbubəkrü Ömər, Osmani-came Dəxi püşt-pənahım Mürtəzadır. Kazım ağanın bu kəlamı ən gözəl kəlamlarından birisidir. Məzmunca dəxi bunun qeyrilərə tərcihi budur ki, şair o əsrin şüəra və üdəbasını müşfiqanə və kəmali-ehtiram ilə yad edib, hər birisini öz təb və əxlaqına məxsus sifətlər ilə zikr qılıbdır. Məsələn, Abbasquluağa Bakıxanov Qüdsi təxəllüsü diyari-nəzmi-şerə padşah təyin edir. Təəccübdür ki, Kazım ağa öz müasiri Qasımbəy Zakiri yad etməyibdir və Qarabağ şüərasından bir söz yazmayıbdır. Yəqinən Salikin Qasımbəy ilə aşnalığı yox imiş və ələlcümlə Azərbaycan şüərasından onun şan və dərəcəsini uca tutarmış. Kəlamın axırında nə olubsa Kazım ağa təvsani-təbinin başından cilovu çıxarıb bir neçə namünasib sözlər deyibdir ki, buraya sığınacağı yoxdur. Şair özü də dediyi sözlərdən peşiman olub deyir: Gəl əl çək, Salik, hərcayi sazdən, Deyirlər ki, sənə bin-bihəyadır. Sənə layiq deyil hərcayi sözlər, Sənin təbin ki, bundan masəvadır. Qəzəl söylə ki, olsun yadigarın, Qəzəl şərh et ki, bu dünya fənadır. Bundan səva Salik hər qisim kəlamı vardır ki, cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır ki, onlardan öz vətənimizin, lisanımızın və millətimizin gözəl və can bəsləyən rayihəsi hiss olunur. Salikin mürəbbeatı lətafət və sadəlikdə Vaqifin, Vidadinin və Zakirin qafiyələrindən əksik deyil. Gözəl mədhində olan bir qafiyəsini bu sayaq başlayır: Ey şahin cilvəlim, şünqar şivəlim, Durnatək tellərin cığalanıbdır. Xəstə könlüm onu görəndən bəri Çıxıb asimana, havalanıbdır. Bu mürəbbeatın axır bəndini bu sayaq qurtarır: Məclislər zivəri gördüyün Salik, Xaqani, Ənvəri gördüyün Salik, Şairlər sərvəri gördüyün Salik, Gəl gör sənsiz necə gədalanıbdır. Özgə bir mürəbbeatında sevgilisi Tubuya xitabən yazıbdır: Ey Tubu! Baxışın yaxdı aləmi, Xumar gözün yenə qiyamət eylər Kəbəyi-kuyini görən kimsənə, Haşa ki, qibləyə ziyarət eylər. Qırqı başlı, tuyğun, tərlan cilvəli, Görməmişəm sən tək nazü qəmzəli, Sərasər yaxası qızıl düyməli, Baxdıqca özünə fəxarət eylər. Zahid baxsa zülfi-pərişanına, Tərk edər məscidi, gələr yanına, Sidqi-dildən canın qatar canına, Huri və qılmana məlamət eylər. Hər kimsə ki, sənə baxırsa gendən, Bil ki, öyrənibdir o halı məndən. Özgə təvəqqeim yox əsla səndən, Xəstə Salik sənə zərafət eylər. Bu qafiyələrdə şair bəzi istiarat və gözəl təşbihat ilə ki, ancaq türk dilinə məxsusdur, öz istəklisi Tubiyi-dilfiribi belə vəsf edir: "ğırğı başlı", "tuyğun, tərlan cilvəli", "şünqar şivəli", "durna telli", "nazü qəmzəli", "sərasər yaxası qızıl düyməli".... Bu sifətlər ilə vəsf və tərif olunan gözəl, əlbəttə, "baxdıqca özünə fəxarət eylər". Axiri-kəlamda şair ona deyir ki, sözlərimdən incimə, özgə təvəqqe və iltimasım yoxdur, səninlə xəstə Salik ancaq zarafat elər. Kazım ağanın qardaşı və bir rəvayətə görə əmizadəsi Mustafa ağa Arif Rusiyada zəval təriqi ilə məhbus olan vaxtı ona yazmışdır: Agah et, ey bad, məndən ol vəfalı həmdəmi, Söylə, gəl gör əşkidən ruyimdə bəhri-əzəmi, Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi, Vaxtdır, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi, Yoxsa bu tufana sənsiz çarəsaz olmaz gəmi! Aləmi təsxirə salmış fitnəvü ali-fələk, Aləmə məlumdur kim, boylədir hali-fələk, Aqilü nadan olubdur cümlə pamali-fələk, Sərv-qədlər qəddimi əymişdir ol zal fələk. Gör necə zal fələk təsxirə salmış aləmi! Düşmənidir bu zamanda hər kişi öz canının, Fərqi yoxdur bir-birindən aqilü nadanının, Vay, yüz min vay əlindən ədlsiz dövranının, Dərd üçün heç bir təbibin sudu yox dərmanının, Bu zəmanə zəxminin yox bir müvafiq mərhəmi. Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi, Mərhəmi-vüslət dilər bu tiği-hicran yarəsi, Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi, Olmuşam dəşti-fənada Arifin avarəsi, Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. Mərhum Mustafa ağaya vətəninə müraciət etmək nəsib olmadı və həsrət çəkə-çəkə qürbətdə, bəzi rəvayətə görə Kazan şəhərində vəfat etmişdir. O, mərhumi-sitəmzədə və dilazürdənin Rusiyadan dost və yarananə nəzm ilə yazdığı məktublar indi də oxuyanlara təsir edib, onların gözlərindən bilaixtiyar yaş tökdürür. O ürəkyandırıcı şerlərdən məlum olur ki, Mustafa ağa Arif qürbətdə çox zillət və əziyyət ilə dolanırmış. Odur ki, Salik şüəraları zikr etdikdə onun barəsində deyibdir: Biri Arif, ona cövr etdi dövran Ki, qürbətdə şəhidi-mübtəladır. Hicrətin 1246-cı sənəsində İrana və Qafqazın qeyri yerlərinə vəba naxoşluğu düşmək babində Salikin yazdığı məxəmməs o vaxtın adamlarının əhval və əxlaqını bəyan edir. Onun bir neçə bəndini burada zikr etməyi lazım gördük. Çünki, şairin əqidəsincə, bu dəhşətli mərəzin vüquinə səbəb o əsrin adamlarının haqq yolundan çıxıb, küfr və zəlalətə düşməkləri olubdur ki, qəzəbi-ilahiyə giriftar olublar. Bu zəmanə bəyləri çün zülmə nail oldular, Həm qənilər qapısından məni-sail oldular, Oldular əşrarə bais, xeyrə hail oldular, Yıxdılar iman evin həm, əqli-zail oldular, Aldılar verdikləri əşyalar üstündən riba. İçdilər andü qəsəm hər ləhzədə məhz druğ, Verdilər hər bəzmdə şəmi-druğə min füruğ, Satdılar qatıq yerinə dik içində avduğ, Etdilər gərdənkəşanlıq misli Övc ibni-Ünuq. Padişahlıq iddia etdi dəxi hər bir gəda. Üləma qəlbini etmiş nəfsi-əmmarə xərab, Mədrəsə içrə tədərrüs eyləmiş tərki-kitab, Az qalıbdır parsalar eyləyə meyli-şərab, Zahidü şeyxin duası hərgiz olmaz müstəcab, Müxtəsər bu ki, düşübdür hər icabətdən dua.... ilaxir. Salikin burada zikr olunan əşar və kəlamından səva öz əsrinin əvza və əhvalına dair çox gözəl əsərləri vardır ki, tamamisini ruznamə sütunlarında yazmaq qeyri-mümkündür. O halda Azərbaycan türklərinin ədəbiyyatı barəsində yazdığımız kitabda Salikin haqqında lazım olan qədər məlumat veriləcəkdir. Burada möhtərəm "İrşad"ın vasitəsi ilə münasib məqal bilib, təzə zühur edən ədib və şairlərimizdən təvəqqe edirik ki, öz tərcümeyi-hallarını müxtəsər vəch ilə olsa da nümunəyi-əşarları ilə lütf edib bizə göndərsinlər. Kəmali-məmnuniyyətlə qəbul edib məcmuəmizi müzəyyən qılarıq. * * * Redaksiyaya məktub C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz. Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans". Mən erməni dramaturqunun istedadının böyük pərəstişkarı kimi onun xahişini yerinə yetirməyi özüm üçün müqəddəs vəzifə hesab edirəm və ona görə də Şərq filosofu və şair Mirzə Şəfi haqqında onun istədiyi məlumatı dərhal toplamağa başladım. Mən bu fikirdə idim ki, topladığım materialı şəxsən mərhum Sundukyansa təqdim edim və bu yol ilə də onunla tanış olum. Lakin amansız ölüm qəflətən onu alıb apardı və məni də onunla tanış olmaq xoşbəxtliyindən məhrum etdi. Mərhum Sundukyans bizim cəmiyyətin müxtəlif tərəflərini və hadisələrini düzgün və bacarıqla müşahidə edən bir müəllif kimi bir çox cəhətdən müsəlmanlarda dramaturgiya sənətinin banisi Mirzə Fətəli Axundovu xatırladır. Onların istedadları arasında ümumi cəhətlər çoxdur. Bu da bizi bir-birimizə yaxınlaşdırır və bir-birimizi ümumi məhəbbətlə isindirir. Onun "Axşam səbri xeyir olar" əsəri müsəlman həyatından düzgün seçilmiş bir əhvalatdır və S.M.Qəniyev onu Azərbaycan dilinə bacarıqla tərcümə etmişdir. Bu böyük dramaturqun və humanist vətəndaşın ölümü yalnız ermənilər üçün deyil, habelə Qafqazda yaşayan digər millətlər üçün də əvəzolunmaz bir itkidir. Allah ona rəhmət eləsin. Bu böyük dərddə onun ailəsinə, dostlarına və xalqına səbr versin. * * * Sabir haqqında "Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı. Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi. 1907-ci sənədə "Molla Nəsrəddin"in 10-cu nömrəsində Sabirin dərc olunmuş tərci-bəndi ki, bu sayaq başlanır: Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə ziynətn-təndir; Əfal yox, ancaq işimiz lafi-dəhəndir, Dünyada əsarətlə bütün kam alırız biz! Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!-- -- dillərdə mədh ilə zikr olunurdu və məclislərdə əzbərdən oxunurdu. Sabirin təbində bir o qədər zəriflik və dilində elə bir lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. Bizi dərin fikrə salan bizim bu qədər bihümmət, biqeyrət olmağımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir. Hacı Seyid Əzimin dəstpərvərdəsi olan Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə olub yatır. Amma biz onun yoxsulluğundan və ağır halda naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, keyfimizi pozmur; bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və bu qədrnaşünaslıq deyilmi? İndi yenə də ürafa və əhli-qələmimizə ricu edib, xəstə şairimizə maddi kömək etməyi təmənna edirik və kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır. * * * Soltan Məcid Qənizadə İyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir. Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur. Çox qabil və müəllimlik işlərində mahir vücudlar bu sənətin ağırlığına tab gətirməyib, öz şəxsi mənfəətlərini nəzərə almışlar, bunlar məktəbin qapısını bağlı və məsum balaları gözü yaşlı və ürəyi dağlı qoyub, başqa xeyirli, yüngül və avam nəzərində hörmətli sayılan qulluqlar dalınca getmişlər. Polis dəftərxanasını məktəb kimi pakizə məkana, vali qamçılı, beli şaşqalı qaradovoyları və qazaqları şirin dilli, xoş əda, sadə dil, sevimli məktəb şagirdlərinə tərcih vermişlər. Müəllimliyin ağır işlərini, müqəddəs vəzifə və təkliflərini əmələ gətirməkdə sabitqədəm durub, hünər göstərən müəllimlərimizdən biri də möhtərəm bəradərimiz Soltan Məcid Qənizadə cənablarıdır ki, iyirmi beş il sərasər maarif yolunda dili, fikri və qələmi ilə səy etməkdədir. Gələcəkdə dəxi belə sədaqətlə millətimizin tərəqqi və təalasına xidmətlər göstərməsinə ümidvarıq. Soltan Məcid Şamaxı şəhərində 1866-cı ilin aprel ayında anadan olmuşdur ki, hicrətin 1283-cü ilinə və zilhiccənin ibtidasına mütabiqdir. Atası Şamaxının möhtərəm tacirlərindən Hacı Molla Mürtuza Əlidir və anası Fatma Hacı Məhəmməd qızıdır; babaları Dədə günəş[1] silsiləsindəndir. [1] Soltan Dədə günəş Şamaxı mahalında olan Dədə günəş kəndində dəfn olunmuş. Bir rəvayətə görə, həzrət Əli ələmdarlarından bir zat imiş, bu halda qəbri müsəlman və erməni arasında ziyarətgahdır. Soltan Məcid Qənizadənin üçüncü və ya dördüncü babası məşhur Azərbaycan şairlərindən Ağa Məsih Şirvanidir. Çox gözəl təbi varmış və əsərlərindən bizdə bir neçə şerləri vardır. Bizə göndərdiyi bir məktubunda Soltan Məcidbəy yazır ki, öz atasından oxuyub-yazmaq öyrəndiyi vaxt aşağıdakı şerin əzbər bilinməsi tövsiyə olunmuşdur: Ey oğul, ittihadi-millət elə! Səy elə, qeyrət elə, hümmət elə! Pədərin ismi Mürtuza Əlidir, Fatimə madərindir, ismət elə! Çün Hüseyn həq yolunda qurbandır, Sən də tut həq yolun, mürüvvət elə! Bu şerlərdən mərhum Hacı Molla Mürtuza Əlinin də əksər əhli-Şamaxı kimi təbiəti-şeriyyəsi olduğu anlaşılır. Uşaqlıqda Soltan Məcid Qənizadə quran, qiraət və yazı dərslərini məhəllə məktəbində oxumuşdur; sonra mərhum Hacı Seyid Əzim Şirvaninin öz əsrinə görə müntəzəm olan məktəbində üç ilə qədər türk, fars və bir qədər rus dillərini öyrənmişdir, bundan sonra şəhər məktəbinə daxil olub, burada rus dili ilə bərabər Seyid Əzim Şirvaninin abdar şerlərini öyrənməyə artıq meyl və həvəs göstərərmiş. 1883-cü ildə Tiflisdəki Aleksandrovski institutuna imtahan ilə girib, dörd il təhsildən sonra 1887-ci sənədə buranın da kursunu qurtarmışdır. Haman sənədə öz həmşəhərlisi möhtərəm Həbibbəy Mahmudbəyov ilə bir yerdə Bakıda əvvəl dəfə olaraq "russko-tatarski" adlı xüsusi bir məktəb bina etmişlər. Təlim işlərinə məşğul olmaqla bərabər Qənizadə cənabları bir tərəfdən də təzə qayda ilə dərs vermək üçün türk və fars dillərində əlyazıları hazırlamağa çalışmışdır. Təzə məktəb Bakı camaatının xoşuna gəlib, ona meyl və həvəs etməyə başlayırlar. Camaat rəisləri bu qisim məktəbin qaydasınca başqa məktəblər də açmağa həvəs edirlər və bunlar üçün şəhər xəzinəsindən həmişəlik para xərc etməyə qərar qoyurlar. Bu vaxtlarda Qafqazda maarif müdiri olan Yanovski Qənizadə ilə Mahmudbəyovun təzə qayda ilə açılmış məktəblərini ziyarət edib, həm şagirdlərin oxumasından və həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalmışdır və bu məktəbi hər yerdə vəsf etmişdir. 1891-ci sənədə Soltan Məcid Qənizadə ilə Mahmudbəyovun açdığı xüsusi məktəb qapanıb, şəhər xərci ilə iki "russko-tatarski" məktəb açılmışdır ki, bunların birində Soltan Məcid Qənizadə cənabları müdir təyin edilmişdir. Yeddi-səkkiz il burada təlim və tədrislə məşğul olub, öz məktəbini böyük dərəcəyə, yəni altı klaslı şəhər məktəbi dərəcəsinə yetirmişdir və burada 1905-ci ilə qədər nazirlik (inspektorluq) etmişdir. Bu il namestnik (canişini-Qafqaz) fərmanı ilə Qoridə Zaqafqaz darülmüəlliminin müsəlman şöbəsinə inspektor təyin olunmuşdur. Öhdəsinə götürdüyü vəzifələri öz layiqi ilə əmələ gətirib, şöbənin və müsəlman şagirdlərinin haqlarını və ixtiyarlarını mühafizə etməyə qeyrət göstərmişdir. 1908-ci ildə Bakı quberniyası və Dağıstan oblastına inspektor təyin olunmuşdur ki, bu halda haman qulluqda davam etməkdədir. İndi isə iyirmi beş il bundan irəli binasını qoyduğu "russko-tatarski" məktəblərin daha da artıq tərəqqi etməsinə səy və qeyrət göstərməkdədir. Maarif işlərinə xidmət etdiyi vaxtlarda qələmə aldığı dərsləri məcmuə surətində toplayıb, bu dərslərə dair bəzi yazılar, lüğət, xəritə və başqa dərs alatının vücuda gəlməsinə səy etmişdir. Qulluğunun ikinci ili "İstilahi-Azərbaycan" və üçüncü ili "Lüğəti-rus və türki", sonra "Rus dilinin dilmancı", beşinci ili "Lüğəti-türk və rusi" adlı kitablarını təb etdirmişdir. Üsuli-sövti ilə dərs verməyi asanlaşdırmaq üçün "Əlifbayi-mütəhərrikə" icad etmişdir. Müsəlmanların rus dilini öyrənməyə meyl və rəğbətini görüb, 1893-cü ildə müxtəsər rus əlifbası tərtib edib, çapa vermişdir. Fars dilinin təlimi üçün möhtərəm Əliskəndər Cəfərzadə cənabları ilə bərabər "Kilidi-ədəbiyyat" adlı kitabça yazmışdır. Təlim və tədrisə lazım olan kitablarla bərabər türk dilində bir çox hekayə və romanlar yazmışdır ki, bunların hər birinin başqa vəsf və tərifə ehtiyacı vardır. Uşaqlar üçün nəzm ilə yazdığı "Tülkü və çaq-çaq bəy" nağılı Qənizadənin təbi-səlim sahibi olduğuna şəhadət verir. "Məktubati-Şeydabəy" sərlövhəsi ilə yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər birisində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik. İnşaallah, Qənizadənin bu əsərləri barəsində "Azərbaycan şüəra və üdəbası" adlı məcmuəmizdə ətraflı məlumat verərik. Bu əsərlərdən başqa, Qənizadə cənabları bir neçə hekayə və komediyalar rus və erməni dillərindən tərcümə və təbdil edib, təb etdirmişdir ki, bunlar dəfələrlə teatrolarda oynanmışdır. Qənizadənin "Axşam səbri xeyir olar", "Xor-xor", "Dursunəli, ballı-badı", "Yadımdadır", "Allah divanı" və "Əvvəlinci şərabçı" kitabçaları məşhurdur ki, bunlardan bəziləri beş-altı dəfə çapdan çıxmışdır. Hal-hazırda Orucovların mətbəəsində təzə üç hekayə: "Yaman qonşu", "Allah xofu" və "Qurban bayramı" adlı kitabları təb olunmaqdadır. Soltan Məcid Qənizadənin əsərlərinin cümləsi ədəbi dil ilə yazılmışdır, dili pür-ibarə isə də, ibarələri qəliz və dolaşıq deyildir. Bunları hər kəs oxursa asan olaraq anlar. Təzə yazıçılarımız kimi osmanlı ədiblərinə təqlid etməyib. Azərbaycan türklərinin dilinə məxsus olan şivədə yazmaqdadır. Möhtərəm bəradərimiz Qənizadənin iyirmi beş illik xidmətlərini nəzərə alıb, səmimi-qəlb ilə onu təbrik edirik. Cənab haqdan onun xoşbəxt və səlamət olmaqlarını arzu edirik ki, maarif işlərimizi islah edib, ədəbiyyat xəzinəmizi daha da gözəl əsərləri ilə dövlətləndirsin. * * * Təzə kitab Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciə) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük. Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar. Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub qara ərəb ilə işrət etməkdədir. Brabansio bu əhvaldan ziyadə pərişan və qəzəbnak olub gedir senata şikayətə. Bu əsnada belə ittifaq düşür ki, osmanlılar Kipr (Qibris) cəzirəsinin üstünə hücum edirlər və senat Otellonu Kiprin valisi təyin edib, onu düşmənin müqabilinə göndərməyi qərar qoyurlar. Vəzir Brabansio şikayətə gələn vaxtı Otello dəxi məzkur işdən ötrü senata təklif olunur. Burada vəzirin şikayətinə artıq etina olunmayır və Dezdemona özü senatorların hüzurunda Otelloya olan məhəbbətini və onu özünə ərliyə qəbul etməsini kəmali-cürət və fəsahətlə təqrirə götürür. Kipr cəzirəsində Otello ilə Dezdemonanın eyş və işrəti çox müddət çəkmir. Adamların düşməni şeytan hər zaman və məkanda insan libasına girib bəni-növi-bəşər arasında fəsad və inqilab törətməkdədir. Otellonun paruçiki Yaqo ki, onun ziri-dəstində qulluq edirdi, öz ağasından narazı idi. Narazılığına ümdə səbəb onun zatında olan cibilli şeytənət, büxl və həsəd idi və bundan əlavə, o öz ağasından bir işdən bədgüman olmuşdu. Və bir də Yaqo xahiş edirdi ki, Otello ona leytenantlıq mənsəbini versin. Amma Otello o mənsəbi Kassio adında özgə bir şəxsə həvalə etmişdi. Kassio isə çox gözəl, insaflı və qeyrətli bir şəxs idi ki, öz ağasına və onun xanımıma səmimi-qəlblə məhəbbət və iradət göstərirdi. Yaqo Kassionun gözəlliyini əldə böyük dəstaviz edib, cüzi vəsilələr ilə aralığa fitnə və fəsad salıb, onu öz istəkli zövcəsindən bədgüman eləyir və Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. Yaqo öz arvadı Amaliyanı vadar edir Dezdemonanın dəsmalını oğurlamağa və Amaliya gedəndən sonra öz-özünə deyir: "Mən dəsmalı Kassionun otağına salaram, o da tapıb götürər, bədgümanlıqda lap cüzi əlamətdən böyük fəsadlar törər. Mən ərəbi zəhərləmişəm, onun xasiyyətindən ötrü bir yüngülcə bədgünanlıq çox böyük zəhərdir. Əvvəlcə o zəhər təsirsizdir. Elə ki, qana qarışdı, kükürd kimi yandırıcı olur". Bu hində ərəbi kənardan ona tərəf gələn görüb deyir: "İndidən sonra nə tiryək, nə bəng və nə də dünyanın bir dərmanı sənə dünənki rahat yuxunu qaytara bilməz". Amaliya dəsmalı oğurlayıb ərinə verir və əri də onu Kassionun otağına atır. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür və məlum ola ki, həmin dəsmalı Dezdemonaya Otello bağışlayıb. Ondan təvəqqe edilmişdi ki, onu yaxşı saxlasın, çünki anasının yadigarıdır. Buna binaən Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən onun sorağını edirdi. Çün dəsmalı çox zərif və üstü gözəl çiçəklər ilə tikilmiş bir dəsmal idi. Kassio onu öz aşnası Biankaya vermişdi ki, onun mislini ona tikib versin. Yaqo şeytənət edib Otelloya deyir ki, Dezdemonanın sənə olan xəyanəti ondan naşidir ki, sənin əziz yadigarını öz sevgilisi Kassioya bağışlayıbdır. Bu xəbər hər şeydən artıq ərəbin namusuna toxunub intiqam almaq arzusu onun qəlbinə şöləvər olur. Yaqo ona söz verir ki, Kassionu öldürsün. O da Yaqoya deyir ki, mən öz bivəfa zövcəmi tikə-tikə doğrayacağam. Yaqo ona məsləhət görür ki, onu doğramasın və zəhərlə dəxi öldürməsin. Onu biüzm elədiyi yorğan-döşəkdə boğsun. Hirsli ərəb dəxi bu şeytanın vəsvəsəsinə firiftə olub öz istəkli zövcəsini boğub həlak eləyir. Nə qədər Dezdemona ona yalvarıb özünün pak və günahsız olmağını ona isbat edirsə, o qəbul etməyir. Biçarə Dezdemona gecənin yarısında can verən zamanı Yaqonun arvadı Amaliya oraya gəlib Kassionun yaralanmağını ərəbə xəbər verir və öz xanımının ah və naləsini eşidib, tələsik özünü onun üstünə salır və görür ki, canını təslim etməkdədir. Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfərasət ərəbin haqqında söyləməyə. Dezdemonanın pak və ismətli olmağını Otelloya sübut edib həqiqəti-halı və dəsmalın oğurlanmasını bişüur ərəbə bildirib, hər bir barədə öz mühil və müfsid əri Yaqonu müqəssirləndirir. Bu halda Yaqo dəxi oraya gəlib öz övrətinin sözlərini eşidəndə görür ki, işin üstü açılır və bir zərbə ilə övrətini həlak edir. Otello əhvalı biləndən sonra çox peşiman olur; və lakin bu peşimanlıqdan bir səmər olmadığını bilib, əvvəlcə Yaqonu və sonra özünü həlakə yetirir. Bu ibrətamiz və riqqətəngiz faciəni ədibi-binəzir Şekspir ziyadə məharətlə tərtib və tənzim edibdir. Belə ki, səhnəyi-tamaşada neçə dəfə vəz olunmuş isə də, tamaşa edənləri ağladıb qəmnak qılmışdır. Bu tragediya nüktəamiz hissiyyati-aliyyə və əfkari-həkimanə ilə malamal olmağa binaən mütaliəsini hər əhli-savad müsəlman qardaşa səlah görürük. Nəzərimizə gələn qüsurlardan bəzilərini burada göstərməyi dəxi lazım bilirik. Əvvəla, cənab mütərcim dilin sadəliyini nəzərə alıb da kitaba elə kəlmələr daxil edibdir ki, onlar yalnız bir Qarabağda istemal olunur. Məsələn: "hasand" asan əvəzinə, "haçar" açar əvəzinə, "heylə" elə əvəzinə, "pikara" cüzi əvəzinə və habelə. Və saniyən, bir para əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır və bir neçə yerlərdə kalamdan əsla məna çıxmayır. Məsələn, 33-cü səhifədə: Yaqo — Xeyir, gözəl heç vaxt axmaq olmaz və axmaqlıq ona evlad sahibi olmağa mane olmaz. Yenə həmin səhifədə: Yaqo — Dünyada o çirkin və əqilsiz yoxdur ki, gözəl və əqillilər doğan axmaqlardan doğmasın. 37-ci səhifədə: Yaqo — Bundan əlavə cavan və gözəldir, hansılara ki, cahıllıq və axmaqlıq həmişə həmağuşdur, bu da qəribə çapıq şeytandır. Dezdemonaya bir qədər təsir edib…. 70-ci səhifədə: Otello — Dünyada hərgah xəncər, kəndir, od, dərin sular qalırsa, o bivəfalığa səbr edə bilməyəcəyəm, allah rizasına, tez yəqinlik verin. Bu kəlmələrin çoxusu, necə ki, oxucular özləri müşahidə edirlər, əsla biməzmundur və əgər bəzində məzmun var isə, o da qəliz və bitərkib ibarə və əlfazlar ilə pərdələnibdir desək səhfimiz olmaz; və salisən, bir para eyham və kinayələr ki, rus dilində onların məxsusi mənaları var, türk dilində ola bilər ki, onlardan məna çıxmasın. Məsələn: 89-cu səhifədə: "Otello — Onu tikə-tikə eləyəcəyəm, o mənə buynuz qayırır?" Rus dilində flan arvad ərinə buynuz qoyubdur demək, ona işarədir ki, öz zövcü haqqında xəyanət edib, kənardan özünə aşna tutubdur. Amma türk dilində buynuz qayırmağın əsla mənası yoxdur. 95-ci səhifədə: "Bir damcı səbir", "zəhlə getmək barmağı" kimi istilahlar rus və ya sair dillərdə varsa da, bizim türk lisanında yoxdur. Bununla belə, zikr olunan qüsurlar kitabı qiymət və hörmətdən salmayır, o çox gözəl və sadə dildə tərcümə olunubdur. Hər kəs mütaliə etsə başa düşər. Çap olunubdur Badikubədə; qələt və səhfləri çox azdır; fiyəti 50 qəpikdir. Talib olanlar mütərciminə rücu etsinlər: Şəhri-Şuşa, müəllim Haşımbəy Vəzirov. * * * Taybuynuz öküz Bu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təəccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyəcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…." Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir…. Amma işə gələndə hamı çarpalardan əvvəl yada düşən taybuynuz öküz olur. Odunamı getmək, suyamı getmək lazımdır, taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yenə taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandan unu evə gətirmək taybuynuz öküzün borcudur, xırmanda taxıl döymək ancaq taybuynuz öküzün işidir. Bu ağır işə yayın isti günlərində ondan savayı hansı heyvan tab gətirə bilər? Və çox vaxt xırman döyəndə yazığın ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfindən yeməsin. Bunların hamısına yenə bir sayaq tab gətirmək olar, bunlar demək olur ki, dərdin yarısıdır. Fəqirin işi ələlxüsus çətinə düşür köç-düş zamanı. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib şalaqdan və kal meyvədən yeyib qızdırmaya düşsün. Bu dağdan arana və arandan dağa köçən zaman taybuynuz öküz kor əzabı çəkir: harada ağır və narahat yük varsa sarınır onun belinə və bundan əlavə bir o qədər də üstəlik qoyulur. Köç vaxtı özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə ağırlığına, yüngüllüyünə baxmayıb atır dilsiz-ağızsız heyvanın üstə: sac, təknə, sacayaq, cəhrə, nehrə, yun darağı, toyuq səbəti, su sənəyi və yuz cürə belə şeylər bağlanır taybuynuz öküzün üstə və hansı ki, dinməz və fərağət durub üstünə yük qoyulduqca itaət boynunu əyib guya zəban halilə duyur: "Ey bimürüvvətlər! Çox da mən sizin cövr və sitəminizə səbr edib dinməyirəm; sizdə də bir insaf olsa nə olar, ey allahdan bixəbər insan!?" İndi, əzizim, cəhd elə taybuynuz öküzun halına düşmə, yoxsa insan övladından rəhm və mürüvvət gözləmək olmaz. Əgər bilmək istəsən ki, nə səbəbə taybuynuz öküzdən savayı özgə heyvanatın haqqında belə zülm olunmur. Onu da ərz eləyim, özgə heyvanlardan bəzisini, səbəb nə isə, sahibi əziz tutur. Ağır işə salmır ki, arıqlar, ətdən və sifətdən düşər. Bəzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır və üstündə olan qab-qacağı töküb sındırır. Bəzisi də kahıl və inad olub, işə getmir. Yük altında bir az yol gedib yatır, elə ki, yatdı, daha durmağına ümid yoxdur, nə qədər acıqlanırsan, döyürsən, əsla ona kar eləməyir. Çox vaxt görürsən ki, yükünü də açıb özgə taybuynuz kimi heyvanlara yükləyirlər, yenə də durub getmək istəmir. Belə heyvanın dərisini soymaqdan başqa özgə əlac yoxdur. Və bəzisini də işə artıq qoşanda tündləşib buynuz göstərir, belə ki, axırda yenə zəhmət taybuynuz öküzün üstə düşür. Nə eləmək? Əvvəl başdan o binəvanın günü qara gəlibdir. Allah heç bəndəsini taybuynuz öküzün gününə salmasın! * * * "Usta Zeynal" Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur. Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir. Hekayənin çox sadə bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlərinə gəlir. Onun evində böyük canlanma və həyəcan vardır. Hamıdan çox ev sahibi narahatdır. Düzdür, qonaqları qəbul etmək üçün onun evində hər şey hazırdır, otaqlar təmizdir və onların hamısı yenicə sahmana salınmışdır, lakin bədbəxtlikdən bir neçə gün bundan əvvəl çox şiddətli yağan yağışdan sonra zalın səqfinin bir tərəfindən su axmış və səqf uçulub tökülmüşdür. Oğlu gələnə qədər səqfin uçan yerini suvayıb düzəltmək lazımdır. Oğlu isə alınmış teleqrafa görə iki gündən sonra gəlməli idi. Bədbəxtlikdən Muğdusi Akopun tanışı, bənna Usta Cəfər bu vaxt başqa yerdə işləyirdi. Onda o, öz dostu Hacı Rəsulun məsləhəti ilə İrandan gəlmiş Usta Zeynal adlı birisini işləməyə götürür. Öz vətəninin həqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam əksini təşkil edir. Axırıncı üçün vaxt qızıldır, hər dəqiqə qiymətlidir və adam gərək ondan istifadə etsin. Birinci üçün isə rus atalar sözündə deyildiyi kimi, iş ayı deyil ki, meşəyə qaçsın; tələsmək lazım deyil, hər işi səbrlə-aramla görmək və allaha bel bağlamaq lazımdır. Tələsiklik və həyəcan ancaq işi korlaya bilər. Allahın köməyi olmadan bir iş görmək olmaz və onsuz işə başlamaq da lazım deyildir. Nə qədər ki, Muğdusi Akop bacarıqlı, öz mənfəətini güdən və işgüzardır, o qədər Usta Zeynal fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövhdür. O iş ki, Muğdusi Akopdan bir saat vaxt tələb edir, Usta Zeynala görə bu işə ən azı bir gün vaxt sərf etmək lazımdır. O işi ki, Muğdusi Akop bu gün görməlidir, Usta Zeynala görə, onu sabah da, o biri gün də yerinə yetirmək olar, çünki tələsməyin yeri yoxdur, hər şey allahın iradəsindən asılıdır. Lakin Usta Zeynalın əsas nöqsanı onun boşboğazlığı və özünəməxsus filosofçuluq etməsindədir. Muğdusi Akopa verdiyi suallara qısa və başqaçırıcı cavablar almasına baxmayaraq Usta Zeynal ondan əl çəkmir və işi yarımçıq qoyaraq lazımsız boşboğazlığa başlayır. Nəhayət, hövsələsi daralmış ev sahibi ona kəskin surətdə deyir ki, o, bura söhbət üçün deyil, işləmək üçün gəlmişdir. Ev sahibinin bu töhmətindən qəti narahat olmayan Usta Zeynal Muğdusi Akopa təskinlik verir ki, inşaallah işi təyin edilmiş vaxta görüb qurtaracaqdır. Lakin o, qətiyyən tələsmir, tez-tez çubuq çəkir, vaxtı-vaxtında namaz qılır və ev sahibi yanında olmayanda özü kimi Şərqin tənbəl və boşboğaz oğlu olan köməkçisi Qurbanla birlikdə filosofluq edir. İş isə çox ləng və yavaş görülür. Usta Zeynalla Qurban arasında necə söhbət getdiyi haqqında oxucuya məlumat vermək üçün onların danışığından aşağıdakı səciyyəvi yeri misal gətirirəm. Qurban Usta Zeynala tasda gəc verərək deyir: "Usta, bizim xozeyin yaxşı adama oxşayır…." "Yaxşı adam olmağına yaxşı adamdı, allah dinə gətirsin, amma nə fayda?!" "Usta, mən bir şeyə mat qalıram. Yaxşı, ermənilər bu aşkarlıqda zadı görmürlər? Bunlar niyə bəs dönüb müsəlman olmullar?…" "Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək. Bu işlərin hamısının bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məssəbimiz olarınkından yaxşıdı. Xudayi-əzz və cəll." "Usta, sözünü də kəsirəm, hələ deyək ki, müsəlman olmasınlar, mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər." Usta Zeynal malanı qoydu taxtanın üstünə, çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi: "Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər…. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır…." "Bəli, qıl körpüdən keçəndədi tamaşa!" "Qurban, bilirsən nə var? İşin əsli haqq yolu tanımaqdadır; insan ki, haqq yolunu tapdı, insan ki xudayi-taalarını…." Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu: "Ay xozeyin, səni and verirəm incilə, bir mənə de görüm, o zəhirmarda nə ləzzət görübsünüz ki, yeyirsiz?" Bu sözlərə cavab olaraq Muğdusi Akop deyir ki, o, Usta Zeynalı dini təbliğata qulaq asmaq üçün deyil iş üçün gətirmişdir. Çox keçmədən, Usta Zeynal işi yarımçıq atır və pərt çıxıb gedir ki, bu da Muğdusi Akopu çox dilxor edir. Əhvalat belə olur: İkinci gün məlum olur ki, kütbeyin Qurban öz yaddaşsızlığı üzündən Usta Zeynalgildən gətirilmiş ləyəni bir kənara qoyub, bütün günü erməninin səhəngində su daşımış və bununla da nəinki təkcə Usta Zeynalın üst-başını, hətta bütün işi murdarlamışdır. Bizim nadan və fanatik ruhanilərin təlimi əsasında tərbiyə almış Usta Zeynalın tipi Cəlil Məmmədquluzadə tərəfindən çox müvəffəqiyyətlə və məharətlə yaradılmışdır. Kitaba tipik şəkillər çəkilmişdir. Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatırladan hekayələri bizim mədəni ziyalılarımızın nəzərini cəlb etməyə tam layiqdir. Lakin nədənsə dövri mətbuat "Usta Zeynal"ın üstündən sükutla keçmişdir. * * * "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə (Redaksiyaya məktub) Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm. Hər şeydən əvvəl, cənab Şirvanski dərsliyi süni olaraq beş hissəyə ayırır ki, onların hər birinin haqqında ayrıca mülahizə söyləsin. Kitab cəmi iki hissədən ibarətdir: birinci hissədə rəsmxətt öyrətmək üçün 50-yə qədər cizgi, genetik üsulla hüsnxətt öyrətməyin tam kursu, əyani-sövti üsulla yazını və oxunu birlikdə öyrətmək üçün əlifba, habelə Azərbaycan yazı və çap əlifbası dərc olunmuşdur. İkinci hissə əlifbadan sonra ilk oxu kitabıdır və uşaq anlayışına uyğun olan kiçik məqalələrdən, təmsillərdən, orijinal və tərcümə edilmiş şerlərdən ibarətdir. Cənab Şirvanski rəsmxətt üçün birinci səhifədə dərc olunmuş nümunələri dərsliyin qüsurlarından hesab edir və onun fikrincə, bu nümunələrin heç biri müsəlman həyatından götürülməmişdir. Biz isə təsdiq edirik ki, həmin şəkillərin əksəriyyəti məhz müsəlman həyatından götürülmüşdür; burada yalnız mebel qismindən olan, məsələn, stol, stul, çarpayı kimi son zamanlarda az-çox varlı müsəlman evlərinin, demək olar ki, hamısında təsadüf olunan şeylər istisna təşkil edə bilər. Həmin nümunələrin arasında saat, lampa, çaynik, stakan, kəllə qənd, ağızlıq, kitab, çeşmək və ilaxir kimi şeylərin də şəkilləri vardır. Belə olan surətdə demək olarmı ki, istisnasız olaraq bu şəkillərin heç biri müsəlman həyatından götürülməmişdir? Doğrudanmı cənab Şirvanski belə hesab edir ki, azərbaycanlıların saatı, çeşməyi, lampası, çayniki, tərəzisi və orağı öz formasına və zahiri görünüşünə görə rusların, yaxud gürcülərin işlətdiyi həmin şeylərdən nə ilə isə kəskin şəkildə fərqlənməlidir? Cənab Şirvanski əlifbanı, yəni uşaqlara ana dilində savad öyrətmək üçün verilmiş ilk dərsləri nəzərdən keçirəndə də bu cür məhdudluğa və bundan da qəribə ifrata yol verir. O belə hesab edir ki, dərsliyin bu hissəsi "42 şəkillə gözəl və zəngin bəzənmişdir, bu şəkillərin isə heç birinin bizim həyatla hətta uzaq bir əlaqəsi də yoxdur, dərsliyin qüsurlarından biri də elə budur". Cənab Şirvanskinin "Vətən dili" kitabındakı əlifbanın şəkilləri haqqında bu qədər qəti şəkildə dediyi bu fikri müəllifin, haqqında mülahizə yürütdüyü predmetlə tanış olmadığını və bu barədə heç nə bilmədiyini göstərir. Adətən uşaqlara ilk savadı öyrətmək üçün əlifba bir neçə dərsdən ibarət olur. Hər dərsdə uşaqlara bir və ya iki səs öyrədilir; şagirdlər həmin səsləri müəllimin aydın və uzadaraq dediyi və hər hansı bir predmeti bildirən müəyyən sözlərdə axtarıb tapırlar. Məsələni asanlaşdırmaq, əyani və maraqlı etmək üçün müəllim ya həmin predmetin özünü, ya modelini, ya da şəklini şagirdlərə göstərir; şagirdlər həmin predmetin adını deyirlər: məsələn, "At" sözündə şagirdlər "t", "Diş" sözündə "i", "Açar" sözündə "ç" səsi ilə tanış olurlar və i. a. Tamamilə aydındır ki, əyanilik üçün predmetlərin əlifbada verilmiş şəkillərinin bu və ya digər bir xalqın və ya millətin həyatı ilə müəyyən bir əlaqəsi yoxdur və ola da bilməz. İnsan bədəni üzvlərinin, ev heyvanları və quşlarının, dərs vəsaitinin və bir çox müxtəlif predmetlərin şəkilləri, milliyyətindən asılı olmayaraq, hamı üçün eyni bir mənanı və anlayışı ifadə edir. Cənab Şirvanski kimi inandıra bilər ki, Çernyayevskinin dərsliyinin dördüncü səhifəsindəki şəkildə "Azərbaycan atı" yox, "rus atı", yaxud 11-ci səhifədəki şəkildə "Azərbaycan dişi" yox, "gürcü və ya erməni dişi" göstərilmişdir? Əgər inandıra bilməzsə, onda 42 şəkildən heç birinin bizim həyatla (yəni müsəlman həyatı ilə) ən uzaq bir əlaqəsi belə olmadığını bu qədər qəti şəkildə söylərkən, görəsən dediyi sözlər üzərində heç düşünübmü? Daha sonra Şirvanski dördüncü hissədə özünün süni surətdə düzəltdiyi yazı və çap hərfləri haqqında danışarkən onu əyanilik xatirinə (?) və şagirdlərin asan mənimsəməsi üçün (nəyi?) kitabın əvvəlinə keçirməyi faydalı hesab edir. Cənab Şirvanski burada da özünün bu tipli dərs kitabları ilə tanış olmadığını büruzə vermişdir. Sövti üsulla ilk savad öyrətmək işində əlifbanı əvvəldə verməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu zaman şagirdlərə hərflərin adları öyrədilmir, bəlkə, didaktika qaydası ilə, yəni deyilişi asan olan səslərdən çətinlərinə keçmək yolu ilə səslər, saitlər və samitlər əzbərlədilir. Şagirdlər öyrəndikləri dilin bütün səslərini əsaslı surətdə mənimsədikdən sonra onları səslərin işarələri ilə, yəni əlifbanın düzülüşü ilə tanış edirlər. İşə heç bir xələl gətirmədən əlifbanı dərslikdən cəsarətlə çıxartmaq da olar. "Vətən dili"nin II hissəsinin qüsurları haqqında danışarkən cənab Şirvanski ona diqqət edir ki, Talıbzadənin "Laylay" adlı bir orijinal şerindən başqa, burada verilmiş bütün məqalələrin, hekayələrin, təmsillərin, şerlərin, məsəllərin (?) hamısı başlıca olaraq rus ədəbiyyatından, özü də ən çox Krılovdan və Puşkindən (?) edilmiş tərcümə və ya iqtibas xarakterli əsərlərdir. Cənab Şirvanski bunu "Vətən dili" dərsliyinin ən ciddi nöqsanlarından biri hesab edir və deyir: "Burada biz belə bir məlum həqiqəti yada salmaq istəyirik ki, uşaqlar üçün hazırlanan dərslikdə ilk qiraət dərslərinə çox ehtiyatla yanaşmaq, burada milli və orijinal olmayan hər şeydən qaçmaq lazımdır". Cənab Şirvanskinin fikrincə, belə kitablar üçün türk ədəbiyyatı klassiklərinin əsərlərindən alınmış nümunələr material ola bilər, çünki onlar "öz ölməz əsərlərində o qədər incilər vermişlər ki, xarici müəlliflərin əsərlərini tərcümə etməyə ehtiyac yoxdur. Yalnız bu klassiklərin əsərlərini işləmək, yəni ərəb-fars ifadələrini çıxarıb atmaq, onu uşaqların anladığı türk sözləri ilə əvəz etmək lazımdır". Yalnız cənab Şirvanski kimi Azərbaycan ədəbiyyatı ilə qətiyyən tanış olmayan adamlar belə düşünə bilərlər. Görünür, cənab Şirvanski bilmir ki, Qasımbəy Zakirdən və Hacı Seyid Əzim Şirvanidən başqa, Azərbaycan yazıçıları və şairləri elə bir əsər verməyiblər ki, uşaqların oxuması üçün əlverişli və yararlı ola bilsin. Yuxarıda adlarını çəkdiyimiz şairlərin isə bəzi təmsilləri və şerləri yalnız üçüncü və dördüncü təhsil illərində oxunmaq üçün yararlıdır. Onların əsərlərində fars, ərəb sözlərini təmizləmək kimi bir dəyişiklik etməyə bizim nə ixtiyarımız və nə də imkanımız yoxdur: kiçik bir dəyişikliklə biz həmin şerlərin ahəngini, axıcılığını və vəznini pozmuş olarıq. Bu şairlər söz sənətkarı hesab olunurlar və öz bədii əsərlərində onlar doğrudan da bir çox qiymətli incilər yaratmışlar. Lakin uşaqlar üçün düzələn dərslikdə bu incilərin yeri yoxdur. Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə olmamışdır və indi də yoxdur. Müasir şairlər bu cəhətdən yeni yetişən nəslə kömək etmək və məktəblərimizin bu təbii ehtiyacını, heç olmazsa, az-çox ödəmək üçün nəinki çalışırlar, onlar hətta türk şairlərinə kor-koranə təqlid edərək dilimizi rəhmsizcəsinə korlayır və ədəbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlər. İlk dərslərdə oxumaq üçün onların əsərlərindən bir şey seçib götürmək, südəmər uşağa çətin həzm olan bərk bir qida verməyə bərabərdir. Öz-özlüyündə aydındır ki, belə bir vəziyyətdə, özünə yararlı material tapmayanda, istər-istəməz müsəlman olmayan müəlliflərin əsərlərinə müraciət edəcəksən. Bununla birlikdə, biz cəsarət edib cənab Şirvanskini inandırmaq istəyirik ki, "Vətən dili" kitabında Talıbzadənin "Laylay" şerindən əlavə bizim ədəbiyyatdan və həyatdan alınmış xeyli material vardır. Bunlardan "Çoban və güzgü", "İki dost", "Bülbül və qarışqa", "İlan və zəli" və sairəni göstərmək olar. Həmçinin resenziya müəllifini inandırmağa cəsarət edirik ki, "Vətən dili" kitabında bir dənə də olsun tərcümə edilmiş məsəl və tapmaca yoxdur. Onların hamısı orijinaldır, xalqdan götürülmüşdür. Puşkinin əsərlərindən isə "Vətən dili" kitabı üçün heç nə götürülməmişdir. Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski "Vətən dili" kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış və kitabı yalnız səthi surətdə nəzərdən keçirtdikdən sonra öz rəyini yazmışdır. O, dərsliyin ən başlıca məziyyətlərini: sövti üsulla savad öyrədilməsi üçün hər bir dərsin diqqətlə işləndiyini, kitabın dilinin sadəliyini və anlaşıqlı olduğunu, izahın canlılığını və aydınlığını nəzərdən qaçırmışdır. Mərhum Çernyayevski hərçənd ki, Azərbaycan ədəbiyyatının bilicisi deyildi, lakin o, gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün öz dərsliyini tərtib edərkən o, bir pedaqoq kimi, yararlı material seçməyi və bu materialı canlı uşaq dilində düzəldib təqdim etməyi bacarmışdır. Bizim əqidəmizə görə, Uşinskinin birinci il "Rodnoye slovo" ("Ana dili") dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir. * * * Vəfati-şair Bu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı. Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu. Mərhumun tərcümeyi-halı və asarı haqqında gələcəkdə əhəmiyyətli məlumat yazmağı möhtərəm oxucularımıza vədə veririk. Onun məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır. Allahdan Borjom seyfiyyəsinin basəfa bir küncündən Sabirin ruhi-pakinə salamımı yetirib, əhl-əyalına və xiş-əqrəbasına sərsəlaməti verirəm. * * * Vaqif və Vidadi və bunların dostluğu Milli şüarımızdan məşhur Molla Vəli Vidadi təxəllüsün vəfatından bu il tamam yüz il, yəni bir əsr gəlib keçir. O cəhətə onun adını hörmətli jurnallarımızda — "Dəbistan" və "Rəhbər"də zikr edib, oxuculara Vidadinin barəsində bir para məlumat verməyi lazım gördük. Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. Qazax mahalında bunlar öz əsrlərinin əhli-kəmalı və sahibi-elm və mərifəti olub, müasirləri arasında özlərinə şan və hörmət qazanmışdılar və hər ikisinin gözəl, rəvan və səlim təbləri var idi. Belə ki, Qazax şairlərindən məşhur Kazımağa Salik təxəllüs bunların haqqında deyibdir: Qazax içrə olub şairlər, amma Əsamı onların biintihadır. Biri Vaqif ki, məşhuri-xəlayiq, Gözəl mədhində məlumi-şumadır. Biri Xəstə Vidadi təbi mövzun Ki, bəhri-nəzmi-şeri cabəcadır. İlahi, ol iki məğmum pirin Günahı dərdinə səndən dəvadır. Vaqif ilə Vidadinin arasında artıq dostluq və məhəbbət və bəzi rəvayətə görə bir növ rəqabət dəxi varmış. Cavanlıq əyyamını bunlar bir yerdə keçirib eyş və səfa sürərlərmiş. Amma sonralardan tarixi-hicriyyənin 1172 sənəsində ki, tarixi-məsihiyyənin 1766-cı ilinə mütabiqdir, Gürcüstan padşahı İrakli şahın vaxtında ki, o vaxt Qazax və Şəmsəddinli dəxi Gürcüstana tabe imiş, Qazax mahalının vəkili Pənah Ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayətinə gediblər. Belə ki, Molla Pənah dəxi öz elindən hicrət eyləyən firqə ilə ki, ibarət ola Salahlıdan və özgə bir qövlə görə Ağstafanın yaxınlığında olan Həsənsudan Qarabağa səfər edib və Cavanşir mahalında Tərtərbasarda bir müddət sakin olub. Orada məaşi təng keçdiyinə görə köçüb İbrahim xanın paytaxtı olan Şuşa qalasına və miruri-əyyam ilə xani-mərhumun ən müqərriblərindən birisi olubdur. Amma Molla Vəli öz vətənində qalıb, dusti-həqiqisinin müfariqətində qəm və qüssə edərmiş. Bəzi rəvayətə görə, Molla Vəli dəxi öz əql və kamalı sayəsində nam və şöhrət qazanıb, o da İrakli xana Qazax mahalına dair ümuratın səlahını göstərmək üçün müdəbbir və məsləhətçi olubdur. Amma bu əhvalat təvarixdə nəzərimizə çatmadı və Gürcüstan təvarixinə bələd olan əhli-xibrədən bu barədə məlumat istəyib Molla Vəli Vidadidən bir söz-səda eşitmədik. Molla Vəli vaxtbavaxt dostu Vaqifə gözəl məktublar yazıb ondan əhval-pürsan olarmış və öz vilayətlərində vüquə gələn qəribə və şayani-diqqət əhvalatı riştəyi-nəzmə çəkib ona göndərərmiş. Vaqif dəxi Qarabağın əhval və övzaindən və başına gələn qəzavü qədərdən nəzm qılıb ona yollayırmış. Məsələn, Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şerləri inşa edib, Molla Vəliyə göndərmişdi: Ey Vidadi, gərdişi-dövrani-kəc rəftarə bax! Ruzgarə qıl tamaşa, karə bax, kirdarə bax! Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmi-adil padşahi-qadirü qəhharə bax! Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ, Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, Paymal oldu təpiklərdə səri-sərdarə bax! Qeyrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda, Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, Nə qıza, nə oğula, nə aşina, nə yarə bax! Bir çirağ ki, tamam İrana qiblə idi və cümlə xəlayiq onun itaətində böyük xof ilə kəmərbəstə durmuşdular hənuz sübh olmamış qəflətən söndü. Hamının qəlbindən xof-xətər getdi və hamı onun qətlindən sonra asudə və arxayın nəfəs aldılar. Məlum ola ki, haman gecə bu kəlamın sahibi dəxi Şuşa qələsində zindanda məhbus və həlakına müntəzir durmuşdu. Sübh açılanda şahi-zalim və birəhmin hökmünə görə gərək adamlar kəlləsindən minarə qurulaydı. Vaqifin başı haman dəhşətəngiz minarənin qülləsini müzəyyən edə idi. Çünki şair ilə səffak şahın qədimi kin və ədavəti var idi. Ağa Məhəmməd şahın bu niyyətinə şair özü kəlamında işarə eləyib deyir: Mən fəqirə əmr qılmışdı siyasət etməyə, Qurtaran məzlumu zalımdan o dəm qəffarə bax! Və lakin adilü qadirü qəhhar həqq-taala əhli-zülmü bir ləhzədə bərbad elədi və taci-zərdən dimaği-pür-qüruru ayırıb təpiklər altına saldı. Heyfa ki, Vidadi əleyhürrəhmənin Vaqifə göndərdiyi məktublarının əksəri itib gedibdir və nə qədər biz səy və cüstcu etdiksə ki, onlardan bir parasını ələ gətirək, müyəssər olmadı. Təəccüb budur ki, mərhum Molla Vəli Vidadinin övladı ki, əlan hal həyatdadırlar və onlardan bəzisi elm və kamal sahibi hesab olunurlar, öz babalarının asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. Vidadinin kağızları ziyadə əhəmiyyətli və xoş məzmun olmağına Vaqifin qəzəlləri şəhadət verir. Məsələn, bir qəzəlində Molla Vəlidən ona vüsul olan kağızın barəsində belə yazır: QƏZƏL Vidadidən gələn kağız məni fərxəndəhal etdi. Bu halı gördü qəm, filhal məndən intiqal etdi. Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə, Əcəb yox kim, bu məktubu özünə pərü bal etdi. Ziyayi-şəms tək etdi, məni bədr eylədi, hala Əgərçi qəddimi dövrani-filmazi hilal etdi. Səvadi-namənin, ey dil, məgər zülmati-heyvandır Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi. Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın, Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi. Bu qəzəldən məlum olur ki, Vaqif onu ömrünün musinn çağında yazıbdır ki, o candan əziz olan dostunun fərağında xeyli cəfalar çəkib və dövrani-filmazi onun qəddini hilal edibdir. Vidadidən gələn kağız şairin könül quşuna pər və bal olub, onu uca məqamlarda seyr və gərdiş etməyə qalxızır. Və əgərçi zəmanənin şuriş, iğtişaş və inqilabı şairin qəddini əyib iki qat edib, hilalə döndəribdir və lakin dusti-əzizin məktubu ziyayi-şəms tək onu misali-bədri-münəvvər qılır və səvadi-namə zülmati-heyvan kimi onun ruhuna səfa və əbədi həyat və kamal bəxş eləyir…. Afərin bu dostluğa və mərhəba belə sədaqətə! Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı kəlama bərabərdir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluq nədən ibarət olmasını və onun vəzifə və təkliflərini bəyan edib, ümum nasə xitabən öz kəlamını inşa qılıbdır. Amma Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub, qədr və mənzələtini göstəribdir. Sədi əleyhürrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr və cavahirat səpibdir. Yaran bövəd ke, səbr konəd bər cəfayi-yar, Tərki-rizayi-xiş konəd bər rizayi-yar. Gər bər vücudi-aşiqi-sadeq nəhənd tiğ Binəd xətaye-xiş, nə binəd cəfayi-yar. Yar ər bərayi-nəfs giriftən təriq nist, Ma nəfse-xiştən bekoşim əz bərayi-yar. Mən rəh nəmibərəm məgər onca ke kuyi-dust, Mən sər nəminəhəm məgər onca ke payi-yar[1]. [1] Tərcüməsi: Yar odur ki, yarın cəfasına dözsün; Yarın məmnuniyyəti xatirinə öz məmnunluğundan əl çəksin. Əgər həqiqi aşiqin vücuduna qılınc çalsalar O öz xətasını görüb, yara cəfanı xəta görməz. Yar ancaq zövq almaq üçün deyil. Biz öz nəfsimizi yardan ötrü öldürdük. Mən dostun astanasından başqa bir yol tanımıram, Mən yarın ayağının qoyduğu yerdən başqa yerə başımı qoya bilmərəm. Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dostun yolunda onun xatirəsi və rizası üçün tərk edib ondan canını və malını əsirgəməyə və dostun adı çəkilən yerdə maldan və candan keçə. Heyfa ki, bizim bu vəsvəsəyi-şeytan və dəğdəğəyi insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib, dar günündə ona ümid bağlayasan və şikəstə xatirini onun yadilə şad və xürrəm edəsən. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. Belə dostluq həqiqi olmayıb, riyayi və saxta olmasına şübhə yoxdur və belə saxta və yalançı dostluqdan uzaq olmaq eyni-səlahdır. Çünki onun axırı yoxdur, onda məhəbbət paydar olmaz, necə ki, Vidadi deyibdir: Könül səbrü qərar etməz, Gedər yar olmayan yerdə. Məhəbbət paydar olmaz, Vəfadar olmayan yerdə. Vəfa qıl bir vəfadarə, Ulaşma hər biiqrarə, Mətain atma bazarə, Xridar olmayan yerdə. Yəni hər naəhl və nakəsə bel bağlama, sözünə bavər və əhdinə etibar etmə, dar gündə, zərurət məqamında baxırsan ki, səndən üz çevirir və ehtiyacı olmadıqda səni tanımaz. Ona görə mərd ətəyindən yapış, necə ki, Vidadi vəsiyyət edir: Söhbəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər. Yəni nakəs və namərdlərin söhbəti laf-kəzafdır və məhəbbətdən, sədaqətdən danışdıqları kəlam — boş və quru sözlərdir. Hərgiz onlara inanma. * * * Yakov Semyonoviç Qoqoebaşvili Bu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi. Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır. Bizə elə gəlir ki, gürcü ziyalılarından heç biri öz xalqının maarif və savadlanmasına mərhum Qoqebaşvili qədər kömək etməmişdir. Onun ana dilini öyrənmək üçün tərtib etdiyi dərsliklər və çoxlu bədii əsərləri həqiqətən işığa doğru bir pəncərə açmış və etiraf etmək lazımdır ki, onu bu mənada gürcü Kirilli və yaxud Mefodiyi adlandırmaq olar. Mərhum Qoqebaşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sıra ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçalar yazmışdır. O, uşaqların danışdığı və sadə xalqın yaxşı anladığı öz ana dilinin bütün incəliklərini və ruhunu çox gözəl bilirdi. Onun "Dedaena" ("Ana dili") və "Bunebis qari" ("Təbiətin qapısı") kitabları bu sadə, lakin canlı və gözəl dildə yazılmışdır. Bu cəhətdən Yakov Semyonoviç rus xalqı və rus məktəbləri üçün əvəzedilməz "Rodnoe slovo" (ana dili) yazmış ölməz və dahi Uşinskinin pərəstişkarı və təqlidçisidir. Qoqebaşvilinin yuxarıda adlarını çəkdiyimiz kitablarının yerli əhali arasında belə görünməz halda on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu dərsliklər uşaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə təqlid etməyə diqqətəlayiq nümunə ola bilər. Y. S. Qoqebaşvilinin ölümü onun simasında gözəl oğullarından birini itirən gürcü xalqı üçün əvəzedilməz bir itkidir. Lakin mərhum Yakov Semyonoviç üçün təkcə gürcü xalqı ağlamır. Bu itki üçün onu səmimi qəlbli nadir bir insan, qocaman müəllim və təcrübəli xalq tərbiyəçisi kimi qiymətləndirən başqa qonşu xalqların ziyalı nümayəndələri də kədərlənirlər. * * * Kitabxana.az · https://kitabxana.az/authors/kocerli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.