Məhəmməd bəy Aşiq. Əsərləri Məhəmməd bəy Aşiq (1800–1861) == Gəraylılar == Ayrı Niyə məni dərdi-hicran, Öldürür ol yardan ayrı. Qan tökmə mərdumi çeşmim, Çeşmi-xunxarıdan ayrı. Nazilə sallanar o mah, Yaxıb canım, alır nagah, Getmənəm behiştə billah, O xoş göftarından ayrı. Kəsilibdi ahu-naləm, Firqətindən yaman haləm, Əndəlibi-nitqi laləm, Güli-ruxsarından ayrı. Qəmindən əl üzə bilmən, Bir gün onsuz dözə bilmən, Tutmuşam xu, gəzə bilmən, Naleyi-zarıdan ayrı. Öləndə Aşiqi-şeyda, Gəlib ustə edin qovğa, Desinlər heyf, səd heyfa, Getdi dildarından ayrı. * * * Ayrılmış Mərdümi-çeşmin qan ağlar, Xali-hindudan ayrılmış. Sızıldar mürği-dil daim, Zülfi-xoşbudan ayrılmış. Qoynunda bağü bostanın, Barvəridir gülüstanın, Sanasan iki püstanın, Şaxı-limudan ayrılmış. Qayıdıb baxmağın hər yan, Görən kimi qalır heyran, Deyirlər yarəb bu ceyran, Hansı ahudan ayrılmış. Əgər tab etməz hicrana, Məzəmmət etməyin cana, Para-para olur şana, O tari-mudan ayrılmış. Qaşın şövqilə peyvəstə, Qaməti olub şikəst, Dirilməz Aşiqi-xəstə, Taği əbrudan ayrılmış. * * * Bu Beylə ki, bir könül olmaz, Acizü binəvadır bu. Eyləyib zülfündən məskən, Əcəb günü qaradır bu. Cəmiyyətü-dərdi aləm, Ətrafında görənlər həm, Sorsalar nədir? Deyərəm: Yardan gələn bəladır bu. Səri-kuyinin həmdəmi, Nə dərdi var, nə də qəmi, Istəməz gülli-aləmi, Özgə zövqü səfadır bu. Ağzını dərdimə dərman, Gərçi derlər, yoxdur güman, Müşkül oldu aman, aman, Bir dərdi-bidəvadır bu. Dərdində eyləsən şivən, Desə kimdir o məh, bilmən, Bir deyin allahı sevən, Aşiqi-binəvadır bu. * * * Gözlərin Ləbin can versə üşşaqə, Yenə tez alı gözlərin. Bir gəz baxmaz xəstəsinə, Nəzərdən salı gözlərin. Çəkmiş üzə tiqi-əbru, Durmuş xəttü xali-hindu, Dil qəsdinə müdam keysu, Qurmuş bəlalı gözlərin. Yüz tərəfdən olsa kömək, Mümkün olmaz tab eyləmək, Qayıdıb yorğun maral tək, Baxanda dalı gözlərin. Hər yan səfi-mügganıdır, Aləm onun heyranıdır, Guya Xütən ceyranıdır, Ya Çin qəzalı gözlərin. Gənci-hüsnün pasibanı, Gəc nigahı alır canı, Aşiqin dini, imanı, Həm mülkə, malı gözlərin. * * * Gəldim Firqətindən ey dilbəra, Təngə yetib, cana gəldim. Sənsiz bu xəstə könlümün, Əlindən amana gəldim. Məni bu dildəki nalə, Saldı bir özgə xəyalə, Getmə, yetmədim vüsalə, Yenə yana-yana gəldim. Bir zaman kuyində qalsam, Qolumu boynuna salsam, Küfr zülfün ələ alsam, Elə bil imana gəldim. Hicrində qaldım avarə, Rəhm edən yox dili zarə, Sən özün elə bir çarə, Kim, sizin divana gəldim. Aşiq, yamandır zəmanə, Etibar olmaz xubanə, Qoymuşam mərdü mərdanə, Bu başı meydana, gəldim. * * * Mən Ey gül, rəhmin kəsmə məndən, Valehü heyranınam mən. Bir zaman qovma kuyindən, Bülbülü xoşxanınam mən, Açma zülfi-çəlipanı, Dağıtma dili-şeydanı, Vur canə növki-peykanı, Qabili-ehsanam mən. Müşgül iş dərdi-firqətdi, Tut əlimdən mürüvvətdi, Nə desən cana minnətdi, Bəndeyi-fərmanınam mən. Dərdin Aşiqə dərmandı, Zəhər versən nuşi-candı, Tez öldür, qoyma amandı Kim, sənin qurbanınam mən. * * * Qadasın aldığım Aşiqinəm sənin axı, Əzəl qadasın aldığım. Cana vurub məhəbbətin, Çəngəl, qadasın aldığım. Can çıxır, könül neyləsin, Dərdini kimə söyləsin, İstər sədaqət eyləsin, Tez gəl, qadasın aldığım. Salma könlün iztiraba, Zülfün içrə picü taba, Sataşma xanəxəraba, Dincəl, qadasın aldığım. Seyrəqibdən iba qıllam, Kuyində görmüşəm, ölləm, Rəşkdən sayəni billəm, En gəl, qadasın aldığım. Qulum deyib ey şahzada, Salmadın Aşiqi yada, Olurmu sən tək dünyada, Gözəl, qadasın aldığım!? * * * Tutmuş Kənar-ləbində daneyi-xaləm, Cayi-zövqü səfa tutmuş. Hinduyi-məstdir guya, Mülki-abi-bəqa tutmuş. Kəman əbrusi şəstində, Növki-müjganı dəstində. Görən der: çeşmi-məstində, Sanasan ox və yay tutmuş. Bax piçi-zülfi tarinə, Salmış o gül rüxsarinə, Guya könül ehzarinə, Nəldir kim, oda tutmuş. Dərində gəzərəm hər su, Deməz hansı kədadır bu, Cəfacü imiş o bədxu Tərki-mehri-vəfa tutmuş. Aşiq əl çəkibdir candan, Dergilən xoşdu canandan, Vəhm etməz yetər müjgandan, Məgər onu qəza tutmuş. * * * İstər Mənim divanəvəş könlüm, Bir zülfi-piçü tab istər. Öz əlilə aça hər şəb, Ay üzündən niqab istər. Səfhəsi abü tabından, Ayəyi-xətt hesabından, Məshəfi-hüsnü babından, Hər sənəm bir kitab istər. Hər gündə göydən Məsiha, Gəlir dərgahına imda, Möcüzi-ləbindən guya, Sual eylər, cavab istər. Könüllər hayü huyundan, Dil üzməm tari-muyundan, Hər səhər mahi-ruyindan, Pərtövin afitab istər. Aşiqi məstdir gözündən, Xəbəri yox öz-özündən, Baxdıqca doymaz üzündən, Zülfüni bihesab istər. * * * Əlindən Qan ağlar can quşu daim, Rəhmsiz səyyad əlindən. Öldürməz, eyləməz azad, Ha çəkər, fəryad əlindən. Sultani-eşqidir zalım, Yaman yerə yetib halım, Dil şəhri ilə xəyalım, Olubdu bərbad əlindən. Zülmündən ol sitəmkarın, Naləsindən dili-zarın, Bir neçə gün rüzigarın, Olmadım dildaş əlindən. Növgi müjganları səf-səf, Eşq əhlini qılmış hədəf, Atsa yayınmaz hər tərəf, Çıxmışlar ustad əlindən. Gözlərini Aşiqi-zar, Sevəndən bəridir bimar, Məni tari, öldür, qurtar, Ol iki cəllad əlindən. * * * == Bayatılar == Pəri Qarşıda Sına Pəri, Dostunu sına Pəri, Könlüm bir dilək dilər Qoyma ki, sına Pəri. - Qarşıda Sinə Pəri, Zülfünü sinə Pəri. Məzəmmət etmə məni, Aşiqəm sənə Pəri. - Qarşıda Dizaq, Pəri, Xal qara, üz aq Pəri, Qoynun cənnət bağıdı, Aşiqdən uzaq Pəri. - Qarşıda Pəri yeri, Dizaqda Pəri yeri. Haçan olar biz evdə Saldıraq Pəri yeri. * * * == Qoşmalar == Aşıq Pəriyə Aşıq Pəri, bir göftügu eşitdim, Namizəd olmusan bir şux oğlana. Əgər doğru isə gözümüz aydın, Barı gəlməyəydin çeşmi-yamana. Əhli-haldan yəqin kəsmisən ülfət, Nadan ilə tutdun rəsmi-məhəbbət, Sifariş qıl mana ey bimürüvvət, Deyən varmı görüm bu sözü xana. Hər kəs ki yolunda çəkdi çox cəfa, Bir gün vüsalından görmədi səfa, Nə dilin var ey Pəriyi-bivəfa, Fərhadi-şirinər, Məlik Aslana. Qəzanın işini əgər bilirdi, Əl çəkib dünyadan çətin ölürdü. Sıçrayıb qəbirdən dişrə gəlirdi, Yetsəydi bu xəbər ol Mirzəcana. Aşiq seyr eylədi, gəzdi cahanı, Görmədi sən təki bir bivəfanı, Qoynun içindəki bağü bostanı, Nə hasil tapşırdın naşı bağbana. * * * Ola Təxəllüs nə lazım, ey Aşıq Pəri, Bir kəs ki, mehrdən xəbərdar ola? Könüldən könülə yollar görünür, Əlavə, nə hacət, aşikar ola? Xoş yaradıb səni ustadi-əzəl, Hüsnü vəcahətdə yekta, bibədəl, Dızaq mahalında sənin tək gözəl-- Həqdən istəmişəm bərqərar ola. Əhli-halı görmək istər əhli-hal, Müzayiqə etmə, gər olsa macal. Sənin tək dərdmənd olmayan mahal, Görüm ki, dağılıb tarümar ola. Belə işin nə ləzzəti, nə dadı, Xublar bilə görək aşnanı-yadı, Çəkəsən ağuşa bala Fərhadı, Şirin didarına intizar ola. Ağlını cəm eylə, olma sərsəri, Səndə yoxdur eşqbazlıq əsəri, Fəhmü fərasətdə yüz sən tək Pəri Gərəkdir Məmmədə xidmətkar ola. * * * Cəfərqulu xan Nəvaya Başın üçün, sizin bazi-ənami On beş gündə alıb iki şikari, Birisi yüz ovla üç qanad uçmuş, Birisi bir yelpək kəbki-yəsari. Olmaz belə şəfqət, belə mərhəmət, Canü dildən gərək ha çəkək minnət, Sərkari-alidə tapıb tərbiyət, Onunçün bu qədər çoxdu vüqarı. Səhər gəmişərəm, axşam tutaram, Vaxt olur ki, meşələrdə yataram, Börkümü götürüb önnük ataram. Yad elərəm tez-tez pərvərdigarı. Belə xana nüzul olmaz, belə qəm, Çarə olmaz buna, neyləsə aləm. Uçmadığı, almadığı cəhənnəm, Çağıranda ələ gələydi barı. Gərəkdir götürüb dərəbədərə Gəmişəydi bunu Tatvos, Mərkərə, Nə rəvadır mənim kimi çakərə Bəxş edəsən belə tənbəl murdarı. * * * Ey Pəri, dəhrdə yox sən kimi bir cananə Ey Pəri, dəhrdə yox sən kimi bir cananə, Tən edir mehri-rüxün göydə məhi-tabanə, Gərçi bihədd görürəm lütfünü hər insanə, Piri-bifaidədir uyma Məlik Aslanə, Ol gələn yar genə mən təki biroğlanə. Çün sənin qədrini Fərhad ilə Şirin bilməz, Mirzəcan bilsə də yüzdən o da birin bilməz. Mirzə Məmməd dəxi o fəthə və zirin bilməz, Kim ki, məşuq ola öz zülfi-əsirin bilməz. Rəng ilən salmagilən sən buları böhtanə. Mən sənə hər nə deysəm mehrü məhəbbət sözüdür, Sən mana yazdığın əfsanəvü möhnət sözüdür, Gər desəm həmdəm olaq bil ki, müvəddət sözüdür, Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür, Tövsəki-əqlini fikr ilə gətir cövlanə. Sən təki şux münasibdi ki, məstanə gələ, Əldə sazü məzəvü sağərü peymanə gələ, Aşiqi-məst görüb din ilə imanə gələ, Kim gərək doqquz ola başı meydanə gələ, Özünə qurrələnib girmə bizim meydanə. Sana şiyəstə odur, kim tapasan əhli-vəfa, Cani-dildən edəsən eşq təriqini rəfa Olasan yar ona, etməyəsən cövrü cəfa, Dövri-fanidə sürüb bir neçə gün səfa, Əhli-haldan özünü tutmayasan biganə. Qəmzən əyyardır, ey şux, cahan bilməzsən, Ləblərin tökdüyü nahəq yerə qan bilməzsən, Öldürürsən məni, heç ahü aman bilməzsən, Məsti-çeşmin sənin ey afəti-can bilməzsən, Nə zamandır ki, edib könlüm evin viranə. Ey gözəl, mehrin ilə mən olalı pabəstə, Hicrdən daim olub can ilə könlüm xəstə, Nə yazım mən, nə deyim sən təki bir sərməstə, Zülf zəncirini göstərmə mana peyvəstə, İstəmə kim edəsən Aşiqini divanə. * * * Gəzir Bilirsənmi, könlüm, yar səndən ayrı, Necə miskin-miskin, natəvan gəzir. Düşüb səhralara şeydalar kimi, Sübhü şam bilməz, hər zaman gəzir, Bir dilbəri-əla, çeşmi məstanə, Qüssəsindən könül oldu viranə, Bilmirəm ki, neynəmişəm cananə, Hər görəndə məndən belə yan gəzir. Bu dili-divanə, ey şuxi-ali, Canü dildən sevib ol xəttü xali, Kakili mişkinə aşiq olali, Başın üçün daim sərkərdan gəzir. Firqətindən qara bağrım olub su, Alıbdır qərarım o zülfü keysu, Mən ölmüşəm löli-ləbindən ayru, Deyirlər ki, cismində bəs can gəzir. Genə Aşiq unudubdur hər karı, Sevibdir bir şuxi, çeşmi-xunxarı, Ol yanağı mahi, lalə rüxsarı, Necə qıyır, zülfi-pərişan gəzir. * * * Olmuş Ey bivəfa, qədir bilməz dilbərim, Şikayətim səndən bir kitab olmuş. Yaza bilməz onu xameyi-qüdrət Çünki həddən keçmiş bihesab olmuş. Saraldım həsrəti-ali-ruyindən, Tapmadım bir rəmz hali-ruyindən. Dərdimə ol şirin göftguyindən, Nə bir sual olmuş, nə cavab olmuş. Müjgan oxun canda o sipər kimi, Dərin əzizimdir simü zər kimi, Dil dəfinə daim əfilər kimi, Türreyi-tərrarın piçü tab olmuş. Qızıl gül həsrətdir o al ruyuna, Sərvi-səhi qat olubdur buyuna, Hər gündə üz düşər xaki-güyuna, Kəmtərin qulamın afitab olmuş. Əsiri-zülfə olmuş divanə könlüm, Olubdur Aşiqdən biganə könlüm, Dağılmış dünyada viranə könlüm, Bir gün şad olmadı ol xarab olmuş. * * * Pəri Ustadi-əzəldən dərsim almışam, Mayiləm hər yerdə qovğaya, Pəri! Ziddü cinsü rədif sözün danışma, Mən desəm düşərsmən ah-vayə, Pəri! Əlindəki badə olsun, saz olsun, Hərəkətin işvə olsun, naz olsun, Yekə yerdən danışmağın az olsun, Düşərsən bir dərin dəryayə, Pəri! Müəşşərin hər bəndinə naçarsan, Mən açmaram, yenə özün açarsan, Bu işindən yəqinimdi qaçarsan, Axırda məlikə, Mirzayə, Pəri! Qafiyə gərəkdi ola dilməsənd, Nəki belə məğşuş ola, dərdimənd! Bilmirəm ki, sənə eyləyim rişxənd, Yoxsa onu yazan mollaya, Pəri! Ləblərinin müsəffası Aşiqi, Dəhanının müəmması Aşiqi, Siyəh zülfün təmənnası Aşiqi, Salıbdı bir uzun sevdayə, Pəri! * * * Qasım Mat qalmışam bu dövranın işinə, Heyranam vallahı, billahı, Qasım! Gah saz ilə nasaz, nasaz ilə saz, Gah olur naəhlin həmrahı, Qasım! Gah görürsən birin sərəfraz eylər, Gah birilə çəm-xəm qılar, naz eylər, Gah birin götürüb biniyaz eylər, Yoluna gətirər kəmrahı, Qasım! Görürsən ki, gahi acı tox eylər, Məhvəşlər zülfü tək azı çox eylər, Bir ağız ucuya varı yox eylər, Yoluna gətirər gəmrahı, Qasım! Neylərik biz onu çox axtarmağı, Çünki varıq beş on günün qonağı, Gəl oturaq, duraq bu bahar çağı, Qüdrətə eyləyək nigahı, Qasım! Aşiqi zar etmiş bir ənbərgeysu, Salıbdı canına bir qara qayğu, Yandırır, öldürür bir gözü cadu, Heç bilməz ki, nədi günahı, Qasım! * * * Sevdiyim Sizin yerdə nə adətdi Fərhada, Böhtan deyən aşinayə, sevdiyim. Qonaq ilə ev sahibin tanımaz, Oxuyasan yüz min ayə, sevdiyim. Dizaq mahalının Fərhadı olub, Xosrovu Şirinin fəsadı olub, Hiylə bazarının ustadı olub, Nə deyərsən bu sevdaya, sevdiyim. Aşığınam canü dildən, ey Pəri! Dərdi-fərağından oldum sərsəri, Eşq əhlinin yarı, nazlı dilbəri, Şikayət verən gün, ayə, sevdiyim. Bilməzsən ki, ey məhbubi kamilə, Nəsihət etməzsən neçin cahilə, Belə iş yaraşmaz hərgiz aqilə, Qulaq asma hər ədnayə, sevdiyim. Özün bir dərd əhli, bir qədirbilən, Danışıban deyən, oynayıb gülən, Aşiqin kuyuna durmayıb gələn, Dərdindən düşmüşəm payə, sevdiyim. * * * Sevmişəm Təzədən bir işə düşmüşəm genə, Ala gözlü bir şux gəlin sevmişəm. Mina gərdənini, tər sinəsini, Rəna qəddin, qulac qolun sevmişəm. Qədri-qiymət bilən bir əsilzadə, Namü nişanını demənəm yada, Sərasər əndamı oxşar şümşadə, Nazik ayağların, əlin sevmişəm. Bəyənmişəm onun məcmui-karın, Şəvqində var idim bir belə yarın, Xoş ədasın, xoş rəftarü göftarın, Danışında şirin dilin sevmişəm. Görməmişəm belə zülfü dəhən tək, Yüz min əsiri var, əlbəttə, mən tək, Gülüstanə düşmüş zağü zəğən tək, Ay qabaqda siyəh telin sevmişəm. Müşkin kakilinin sərkəştəsiyəm. Kövki-müjkanının dil xəstəsiyəm. Aşiqəm, zülfünün pabəstəsiyəm, Üzün, saçın, incə belin sevmişəm. * * * Sənsən Səni tarı məndən olma mükəddər, Incitmə, bu dili-virani sənsən. Neylərəm dünyanı, əzizim, sənsiz, Bilirəm dərdimin dərmanı sənsən. Gözəldir camalın, hüsnündür cəmil, Ölmədim hicrində, qalmışam xəcil, Başınçün, ey gül, dolansa yüz il, Könlümün mülkünün sultanı sənsən. Vamiqin Əzrayə var idi meyli, Onunçün axardı gözündən seyli, Yusifin Züleyxa, Məcnunun Leyli, Mənim də canımın cananı sənsən. Hər nə ki ərz etdim ona yetmədim, Şad eyləyib bizi gəlib getmədin. Könlüm alıb bir yol qəbul etmədin, Bu qədər ki, çəkdim imanı sənsən. O gizli baxışın alıbdır canı, Cadu qəmzələrin verməz imanı. Tarı hifz eyləsin növki-müjganı, Aşiqin qatili-pünhanı sənsən. * * * Olubdur Səndən ayrı işim mənim, ey dilbər, Gecə-gündüz ahü fəqan olubdur. Təğafül rəhmindən zülmü sitəmi Bizim barəmizdə ehsan olubdur. Ləhzə-ləhzə halın sorduğun könlüm, Gündə min nəsihət verdiyin könlüm. Daim şadü xürrəm gördüyün könlüm, İndi dərd əlindən viran olubdur. Nə istərsən, zalım, mən binəvadan, Bir gün əl çəkməzsən cövrü cəfadan. Sanma indi, bil ki, qalü bəladan, Gözlərim hüsnünə heyran olubdur. Haçan almamışdın əqlimi sərdən Oxudum mədhi-hüsnünə əzbərdən. O gündən ki, saldın gözdən,nəzərdən, Mənim halım çox-çox yaman olubdur. Heç yada salmasan mən dilfikarı, Səni nə bimürvət yaradıb tarı, Dəhanın şövqündən Aşiqi zarı, Öldürən bir daği-pünhan olubdur. * * * == Təcnislər == Sənəm Nə müddətdi həsrətini çəkirəm, Bircə üzün görüm ay ağa Sənəm! Hicranın əlindən xəstə düşmüşəm, Daha dura bilməm ayağa, Sənəm! Cavan ömrüm necə verdin bada gör, Firqətindən nə xətt, qəddim bada gör, Ləlin ilə bəhs eləmiş bada gör, Onunçün tez düşər ayağa, Sənəm! Cadu gözlü, oxşar üzün səhr aya, Xalu-xəttü-zülfü-ruyin, səhr aya, Yüz naz ilə sən çıxanda səhraya, Gün gizlənir, olur ay ağa, Sənəm! Gör nələr xəlq edib tarı zülfündə, Görməyibdi eyni, tarı zülfündə, Mürği-dil bağlanıb tari-zülfündə, Qoymagilən düşsün a yağa, Sənəm! Aşiqəm hüsnünə ay aman, gözəl! Baxmaram zərrəcə aya mən, gözəl! Ləblərin şəhdindən ay əmən gözəl, Meyl eləməz qəndə, bal, yağa, Sənəm! * * * == Tərcibəndlər == Asivü bədəməlü rusiyəhü xaram mən Ey xuda, sənə əyandır ki, vəfadaram mən, Tutduğum işləri yad eyləyib ağlaram mən. Leyk bu nəfsin əlindən dünü gün zarəm mən, Əli boş, üzü qara, bəndeyi-biarəm mən. Hər nə tənbih edəsən, ana səzavaram mən, Gəlmişəm dərgahına labüdü naçaram mən. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Gərçi dünyaya gəlib gəzdimü getdim biçiz, Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz. Artdı hirsim mərəzi, etmədim əsla pərhiz, Dəxi bundan sora yoxdur mana bir rahi-güriz. Nə əməl riştəsi var, eldə nə bir dəstaviz, Eylədim xəlq ilə nahəq yerə pürxaşü sitiz. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xarəm mən. Hər nə iş tutdum isə bədü bədhərəkat, Etmədim şükri-həyat, eyləmədim fikri-məmat. Bu dəni dəhrdə bihudə keçirim ovqat, Imdi rəhlət dəmidir, qalmışam avərəvü mat. Şərmsari-günəhəm, ah, əlim bisovqat. Yetməgim məqsədə bu vəch ilə heyhat, heyhat. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Ya rəb, imdi mən öz əhvalimə heyranam çox, Qəzəbü qəhrin edib fikr, hərasanam çox, Bilib etdiklərim əfalə peşimanam çox, Bilməyib səhvü qələt işləri giryanam çox, Kərəmi-lütfünü çox izz ilə cuyanam, çox, Qüssədən şamü səhər zarü pərişanam çox, Rəhm qıl, bari-xüdaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Tövbə, ya rəbb, dəxi bəd əməlimdən tövbə, Məsiyyət rahinə həm get və gəlimdən tövbə, Hər xilaf olmuş isə sınmış əlimdən tövbə, Dəxi bundan sonra məkrü dəcəlimdən tövbə, Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə, Hər xəta çıxmış isə bir də dilimdən tövbə, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Bilməz idim ki, bu aləmdə olur zar olmaq, Nə ölüm var, nə qocalmaq, nə də bimar olmaq, Adətim hər xəmi-keysuya nigunsar olmaq, Maili-ləlü ləbi-aşiqi-rüxsar olmaq, Vallah xalü xətü heyrəti-didar olmaq, Yara əğyar olub əğyarım ilə yar olmaq Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhi xaram mən. Bəli, məsdud olub imdi mana rahi-xilas, Çünki lazım düşüb üsyanə şəriətdə qisas, Qüdrəti-hikməti-həqdən görünür böylə xəvas, Kim görə ruzi-cəza hər kişi felinə təqas, Sən özün dada ol gündə nə amü və nə xas, Nə görəm əhli yetər dadə, nə əhli-xilas, Rəhm qıl, bari-xudaya, ki günahkaram, Asivü bədəməlü rusiyəhi xaram mən. Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur, Cism ilə canı tutub mərtəbəyi-kibrü qurur, Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur, Gəlmişəm qapına bainhəmeyi- eybü qüsur, Dəxi, ya rəbb, dərindən məni sən eyləmə dur, Qoymadı hirs, təmə gərdi dəxi didədə nur, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Müxtəsər, hər nə əməl eylədim, oldum nadim, Hərs qıldı məni hər nakəsi-dunə xadim, Nəfs ucundan nə bəla çəkdi dili-bərbadim, Imdi nə bir əməlim eldə, nə var bir zadim, Tapmadım bir kərəm əhli ki, edə imdadim, Sən özün, dadıma yet, barı eşit fəryadim, Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən. Asivü bədəməlü rusiyəhü xaram mən. Nə dilim var ki, səni cürət edib yad qılım, Nə üzüm var sana sarı tutuban dad qılım, Nə sözüm var özümü ol söz ilə şad qılım, Dili-bərbadı nə ümmid ilə abad qılım, Nə edim canımı bu vərtədən azad qılım, Çarə oldur ki, yenə bu sözü övrad qılım, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Bir neçə il özümü eşqə müqəyyəd qıldım, Gahi Aşiq adımı, gah Məhəmməd qıldım, Məşqi-əbruyi xətü xal ilə mürtəd qıldım, Şiveyi-mehrü məhəbbətdə yekə sədd qıldım, Rəvişi-eşqdə Məcnunə dəxi rədd qıldım, Hər nə iş tutdum isə, cümləsini bəd qıldım, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. * * * == Qəzəllər == Aşıq Pəriyə Verdimsə gər o şuxi-sitəmkarə könlümü, Bir gün də görmədim mən o biçarə könlümü. Bir rusivalıq ilə dolanırdı zülf ara, Yandırmasaydı çöhrə açıb narə könlümü. Peykani-eşqü tiri-qəzadən səvayi yox, Gər yüz tərəfdən əhli-cəfa yarə könlümü. Hər nişan urarsa növki-müjkan nuşi-can olur, Əğyar söhbətidir edən yarə könlümü. Bir üz verib əttareyi-mişkinə kim görən, Müşkil o damdan gələ qurtarə könlümü. Yüz dad edər fəraqda, min nalə vəsldə, Bu hali- eşq gör yetirib hara könlümü?! Kuyində eyki könlümü qurban eylədim, Təqsim qıl, hər itinə bir parə könlümü. Məndən alanda könlümü tapşırdı qəmzənə, Ey vay, verdi qatili-xunxarə könlümü. Zənciri-zülfi çinə çəkir, xali hinduyə, Çeşmilə xətti-Xəta ilə Tatarə könlümü. Kuyində itlərinlə gəzir hay-həva ilə, Əhdi-qərəz sanır yenə bikarə könlümü. Dil tellərinə bağlamışam gər inanmazsan, Tel-tel edib özün dəxi bir arə könlümü. Gərçi ləyaqəti yox idi nisyə qoymadın, Nəqd eylədim fəda nə isə parə könlümü. Biri nəharü həm biri şam olduğu üçün, Tapşırmışam o zülfilə rüxsarə könlümü. Zülfi-siyahi arizi-al üzrə salmağın Vəchi budur ki, ta sala ehzarə könlümü. Çəkmən qalınca rindi-xərabətlikdən əl, Vermən ölüncə zöhdi-riyakarə könlümü. Yüzinə vermənəm özün aqil bilənlərin, Xeyli-cünun ilə gəzən avarə könlümü. Qorxum məhəbəti-pünhanı faş edə, Ol tifli-şux göstərə əğyarə könlümü. Ol gün özüm qəmindən onun istəmişəm xilas, Kim vermişəm o şux dil azarə könlümü. Tarı o mu miyanına, barik ağzına, Müştaq edib özü yox, adı varə könlümü. Ləli-ləbin fəraqı, ruxi-alın həsrəti, Qan etdi bağrımı, salıb odlarə könlümü. Hər zalımın əlinə düşə, rəhm edər mənə, Vermə, amandı, türrəyi-tərrarə könlümü. Əbruvü zülfi qəmzən olub yaği Aşiqə, Mənəm həm dübarə, vermənəm onlarə könlümü. * * * Aldım qələmi namə yazam, yarə könüldən Aldım qələmi namə yazam, yarə könüldən, Ya rəb, ola bir məhrəmi aparə könüldən. Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb, Bülbül kimi hər dəm gələ göftarə könüldən. Tez-tez qoyub ol sərvi-qədin payinə başın, Tabus qılıb icz ilə yəlvarə könüldən. Əvvəl alıb nitqi-Məsihadən icazət, Axır edə hər ərzimi sərdarə könüldən. Xunbarlığın dideyi-giryanımı bir-bir, Təqrir edə ol gözləri xunxarə könüldən. Pərvanə sifət düşdügümü vadiyi-hicrə, Hərlə ləhzə deyə atəşi rüxsarə könüldən. Naçarlığım ərzi edə ol şahi-cəhanə, Rəhm eyləyibən bəlkə edə çarə könüldən. Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri, Ərz eyləyə, bilgi verə dildarə könüldən. Aşiq, qəmi-hicranı yazıb eyləydim irsal, Ol zülfi siyahə bu üzü qarə könüldən. * * * Cahanda görmədim bir gün səvayi binəvalıqdan Cahanda görmədim bir gün səvayi binəvalıqdan, Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan. Bu viranda budur adət ki, hər kim əhli-hal olsa, Salır yüz piçü tabə, el götürməz bəd ədalıqdan. Işi dərdü bəla çəkmək təmənnası əbəs xəlqin, Nə qulluxdan olur xeyri, nə bir nəfi ağalıqdan. Aça hər kim sədaqətlə məhəbbət bağının babın, Cəfa qeyri bar görməz nihali-aşinalıqdan. Bu beş gün ömrdən ötrü bu nə bihudə qovqadır, Nədir məqsəd sana bilməm, bu günə bədxudalıqdan. Böyük ağır olur həsimal tək gər olsa malik çox Təsəvvür eyləsən yekdir kədalıq padşahlıqdan. Cəlalü cəhdən ötrü, gözüm, cırmaşa məxluqə Dilərsən izzətü rüfət həmişə istə xaliqdən. * * * Mirzə Həsən Vəzirova Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz, Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz. Deyildim layiqi-bəzmi-vüsal, ey məh, hüzurunda, Bu gündən böylə əğyar eyləsin söhbət, xudahafiz. Səri-kuyində naləmdən rəqibim canə yetmişdi, Gəzər rahət, vəli çəkməz dəxi zəhmət, xudahafiz. Qiyamət olmasa çəkməzdim əl canan vüsalından, Məni məhrum edən əğyarə yüz lənət, xudahafiz. Qaçan zar ağlasam, ya eyləsəm yadi-vətən sənsiz, Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz. Gərək tərki-diyar etmək bu dəm, ey rəhmsiz, guya Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz. * * * Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var, Dili-zarımda mənim qanlı ciyərparəsi var. Dili-əşkimi mənim salma nəzərdən, ey göz, Dut giranmayə onun səbəyi-səyyarəsi var. Yar xalına baxan gözdə qaradan qalmaz, Demə aşiq ona kim, gözlərin qarəsi var. Dami-təxsirə salır hər yetən azadələri, Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var. Sanma bikarə məni şahi-hünərməndanəm, Yığılıb başıma dəhrin nəki avarəsi var. Rəngi zərdim yox əcəb əşk ilə gülgünə dönüb, Cigərimdə acı müjkan oxunun yarəsi var. Küfrü zülfün sevəli kamil olub iymanım, Gərçi bu rəmzlərin şerdə kəffarəsi var. Bağlanmış silsileyi-kakilə könlüm möhkəm, Mən kimi yüz min onun Aşiqi-biçarəsi var. * * * O qara tellərinə oğru deyim, ya rəhzən O qara tellərinə oğru deyim, ya rəhzən, Ya könlüm məmləkətin qarət edib badə verən. O münəvvər yüzini gördü məgər ay ilə gün, Düşdülər dağa-daşa oldular avarə gəzən. O gözü qaşın olub qətlim üçün amadə, Biri şəmşir çəkib, biri yayə düzən. O xəttü xali-siyahın məxi-rüxsari Ləşkəri-hindü həbəş türkə tapıb el deyəsən. O qədü qamətə bax, gör nə qiyamət eylər, Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən. O hənalı əlinə, nola, mübarək deyələr, O ki şirin dilinə şəhdü şəkkərdir deyilən Ağzına qönçə deyən kəslərin ağzın yummasan, Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən Şikəni-zülfdə dil naləsi keçdi həddən, O qara gündən onu qurtarın, allahı sevən. Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir, Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən. * * * Talıb bəy Vəzirova Ayırdın mənə, Talib, ki, əzən xub oldun, Nəzəri-mərhəmətü lütfilə mərğub oldun. Dərgəhi-alidə bir mərtəbəyə irdi işin, Günbəgün düşməninə fəxr ilə sərkub oldun. Az qalırdı edəsən zor ilə bəylərbəyilik, O qədər kim sən uca qədr ilə mənsub oldun. Sonra bilmən, nə xəta eylədin, əya, mən tək, Düşdün əltafi-nəzərdən belə məyub oldun. Olma Molla Səfi tək aldan hörülüdən ipək, Ya edən Səfiqulu buğdasın məğsub oldun. Ya da Cəbrailə verib pulunu cəbrailli, Alıban o dədən Həsən bəy kimi mərtub oldun. Ya gedib Talibi-Feyzullah olub fəxr etdin. Tutdun həqq canibini haböylə məğzub oldun. Ya yüzindən qaçıb hər yerdə sənin Nurəli O qədər dəftər açıb sahibi məktub oldun. De görüb bəxt yenə sonra necə etdi mədəd, Xadimi-hazirənin silkinə mənsub oldun. Heç Talib belə mətlubinə irməz, şükr et, Əvvəli talib edən, axırı mətlub oldun. * * * Yenə asudə ikən uğradım bir şux zibayə Yenə asudə ikən uğradım bir şux zibayə, Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə. Xəti sərkəş, xalı dilgəş, ruxi məhvəş, ləbi canbəxş, Beli incə, teli afət, qəddi sərvi-dilarəyə. Dişi gövhər, dili şəkkər, turunc ğənəbi pürbər, Pəri tələt, mələk siyrət, müjə ox, qaşları yayə. Üzü sahir, özü zahir, gözü can almağa mahir, Görən bir baxışın verməz onun dünyavü üqbayə. Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür, Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə. Baxanlar qamətindən rəmz anlarlar qiyamətdən, Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə. Yer üzündə durmadı, getdi, səmavatı məqam etdi, Ləbi ecaz rəsmin göstərən dəmdə Məsihayə. Belə məhbubi-bihəmtayə can nəqdin nisar etsəm, Qəribə pürbəhayə sərfdir ömri-girənmayə. Ləbi kövsər, dili şəkkər, üzi gülbərg tərdən tər, Xəti hindu, gözü cadu, salıb yüz şur dünyayə. Götürsə gün camalından bulud kimi qəra zülfün, Sərasimə Züleyxa tək çıxar Yusif tamaşayə. Dodağilə yanağın küfrdür, vallahi, bənzətmək Ləbin ecazi-Isayə, yədin bəyzai-Musayə. Qiyam eylər qiyamət qaməti-mövzuni baş çəksə. Niqab açsa, verir xiclət üzü cənətdə hurayə. Dodağından sorardım ağzının mən var-yox sirrin, Bu nazik nüktəni sorma, düşər qan—dedi—ortayə. Eşitməz naləmi, ol səngdil şuxə gücüm çatmaz, Qənaət eylərəm mən də sənin tək ahilə vayə. Mənim vardır yenə vasia vüsalə olmaq ümmidim, Yetərsənmi səni də, bilməm axir bu təmənnayə? Məni-kəmtər gədayə qıl nəzər, ey padşahi-hüsn, Həmişə iltifat etmək gəlir axir bu ədnayə. Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın, Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə. * * * == Digər şeirlər == Tövbənamə Ey xuda sənə əyandır ki, vəfadaram mən, Tutduğum işləri yad eləyib ağlaram mən. Leyk bu nəfsin əlindən həməvəqt zaram mən, Əliboş, üzüqara, bəndeyi biaram mən. Hər nə tənbeh edəsən, ona səzavaram mən, Gəlmişəm dərgəhinə, labüdü naçaram mən. Rəhm qıl, bari-xudaya ki, günahkaram mən, Asiyü bədəməlü-rusiyəhü xaram mən. Gərçi dünyayə gəlib gəzdimü getdim biçiz, Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz. Artdı hirsim mərəzi, etmədim əsla pərhiz, Dəxi bundan sora yoxdur mənə bir rahi-güriz. Nə əməl riştəsi var əldə, nə bir dəstaviz, Eylədim xəlq ilə nahaq yerə pərxaşü sitiz. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mehemmed-bey-asiq İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.