Mirzə Baxış Nadim. Əsərləri Mirzə Baxış Nadim (1785–1880) == Qoşmalar == Düşdüm Neyləmişdim, yarəb, həqq dərgəhində, Xəstə olub müdam, cahanə düşdüm. Yazıldı naməmiz ölkəbəölkə, Yetişdi dillərə, dastanə düşdüm. Can qurban eylərəm görsəm dustimə, Durubdurlar o zalımlar qəsdimə, Yengi gəlmiş idi təbib üstümə, Qədəm basdı geri, dərmanə düşdüm. Canü başım olsun yolunda fəda, Cavan ömrüm əcəb yanıbdur oda, Neyləmişdim məgər, ey Tari, xuda, Giriftar oluban, zindanə düşdüm. Xəstə Baxış, sözün demə bihesab, Oxudum Quranda ayətül-kitab, Təşnəlikdən oldu cigərim kabab, Axtarıban dəşti-bəyanə düşdüm. * * * Mənimçün Kimsənəm yox mənə yazsın bir namə, Qürbət içrə bu diyarə mənimçün. Məlum olsun sizə əhli-məhübban, Dua qılım sahibkarə mənimçün-. Malü əmlakımı etdilər təraş, Tökər mərdümlərim müdanı qanlı yaş, Əlac edin mənə, ey qövmü qardaş, Bir yerdən olmadı çarə mənimçün. Yetmədin dadıma, ədalət şahım, Səndən qeyri bir kəs yoxdur pənahım, Dağıldı üstümdən tamam sipahım, Dağlar göy geyibdir, qara mənimçün. Əcəb pozdu fələk xanımanımı, Din yolunda qıldım fəda canımı, Yığılıb düşmənlər alıb yanımı, Yerbəyerdən çəkir nərə mənimçim. Getdi tamam havadarım qırıldi, Ağlayıb dostlarım, düşmənim güldi, Qəm çəkib ləşkərin, üstümə gəldi, Cəfa çəkdi ol biçarə mənimçün. Car dedigin o aradə bir mahal, Əskik olmaz ondan müdam qiylü qal, Fələk əlif qəddim etdi misli-dal, Namə yazın havadarə mənimçün. Miskin Baxış, dərdim eylərəm izhar, Sanki könülümdən heç getməz qübar, Pənah gətirdim sənə, pərvərdigar, Yazılıbdır bəxtim qarə, mənimçün. * * * Mənimçün Ay ağalar, sizə tərif eyləyim, Nə iş tutub üzü qarə Murad xan. Tamam kəsib biçininin haqqını, Heç verməyib sikkə, parə Murad xan. Şəltük bəlimindən tikibdir tayə, Eşşək kimi yüyürürdü kəpəyə. Münasibdir bir tay qulaq köpəyə, Qanuq olub canavara Murad xan. * * * == Müxəmməslər == Bu Ey mənim canım alan, səndə nə adətdir bu? Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu, Səni yaxşı deməyir xalq, məlamətdir bu, Sizə hərcayi desəm mən, nə ləyaqətdir bu? Demə boş söz danışır, cayi-şikayətdir bu! Kimdir olsun bu gözəllik əməlinə məğrur, O1 qədər çəkməyəcəkdir, olacaq ondan dur, O zaman faidə verməz kim, olursan məzur, Kəsbi-fürsət edibən guşeyi-xəlvət tuta gör, Gəl eşit pəndimi bir rahi-səadətdir bu! Sübh fəryadü fəğan hasil olur bülbüldən, Əsəri-ülfət ilə dostluq umardı güldən, Eşq peyvənd olunub cisminə ta əvvəldən, Tutuban çaki-giribanını, qoymur əldən, Göstərir aşiqinə, rəsmi-məhəbbətdir bu! Sən kimi görməmişəm mahvəşi-dünyani, Zibü zinət, bu deyil həddi-gözəllik, tani, Ey vüsali-hərəmin aşiqə can dərmani, Yenə pünhani baxıb hərdəm alırsan cani, Eyləmə, aləmi-dostluqda xəyanətdir bu! Rəhm qıl, Allaha bax, qoyma məni bu qəmdə, Dərdü qəm kəsrətü-tüğyan eleyib sinəmdə, Dil qalıb ahü fəğan içrə, gözüm dərnəmdə, Qılır ecazi-Məsihanı qaşın hər dəmdə, Bilmirəm sehrdi, ya əhli-kəramətdir bu? Bir belə şux gözəl görməmişəm dünyadə, Rəhm edib aşiqini salmaya heç bir yadə, Almağa qaşü gözü can durub amadə, Oxşayır xanəxərab can alıcı cəlladə, Yoxdur insaf əsəri bunda, nə hikmətdir bu? Məni-aşüftədili eyləmisən tərki-vətən, Necə kim aşiqdir Leyliyə Məcnun gendən, Dönməzəm, başın üçün, hərgiz ölüncə səndən, Nə müddətdir çəkirəm həsrətivi, simintən, Yanıram atəşi-eşqində, mürüvvətdir bu?! Vədeyi-vəslə əgər sadiq isən, bismillah, Ruzi-əvvəl sənə bel bağlamışam, həqqə pənah, Eyləmə dəsti-ümidim ətəgindən kutah, Eşidəm bizdən əgər, yar, uzaqsan, billah, Qılaram şiveyi-tufan, necə söhbətdir bu?! Müxtəsər, hər nə isə başıma düşdü sevda, Kəsrəti-ləşkəri-üşşaqdə qaldım tənha, Qaşı tufani-bəla, nərgisı-dür, göz şəhla, Olmağım sən kimi Leyla səbəbindən rüsva, Mənim, əlbəttə, cünunluğına dəlalətdir bu. Kuyinə gər desələr var münasib cənnət, Huriyü qılman gərək, yoxsa nədir bu söhbət, Sən kimi mahliqayə nə bəzək, nə ziynət, Qürrətül-mahi qaşın tərhilə çəkmiş qüdrət, Xəlqlər əhməq olurmuş nə şəbahətdir bu?! Nə deyim, eşq təriqində əcəb qaldım zar, Ahü fəryadü fəğan rizqim olub leylü nahar, Eşq zənciri sərimdə dolanıram bazar, Bu nə sözdür, səni hərcayi deyirlər əğyar, Tövbə qıl, tərk elə, səndə nə təbiətdir bu? Hüsni-ruyin dili-üşşaqə fərəhəfzadır, Zülfü xalın bir olan ildə şəbi-yeldadır, Qamətin sərvi-xuramandı və ya rənadır, Qaşların aləm arasında yədi-beyzadır, Kilki-təqdir ilə çəkmiş, yədi-qüdrətdir bu. Rəhi-eşqində, qərəz, bil ki, yetişdim canə, Ağlamaqdan gözümün əşki dönüb ümmanə, Əql yox, tərqdə Məcnun kimiyəm divanə. Ləhzeyi pişi-xəyalımdan ola bir yanə, Öldürür Nadim özün, bil ki, qiyamətdir bu. * * * Kitabxana.az · https://kitabxana.az/authors/mirze-baxis-nadim İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.