Molla Cümə. Əsərləri Molla Cümə (1859–1920) == Şeirlər == Bizə gəlsən Dostluğun billəm, Sən bizə gəlsən. Dərdindən ölləm, Sən bizə gəlsən. Getmə küsərəm, Yel tək əsərəm. Qurban kəsərəm, Sən bizə gəlsən. Cümə fanaram, Dəymə, sınaram, Fikrin qanaram, Sən bizə gəlsən. * * * Ey gözəl Ey gözəl, surətinə, Mehri dürəxşan demişəm. O güli rüxsarına, Mah ilə taban demişəm. İnci tək dişlərinə, Ləli bədəxşan demişəm. Qaşların əyməsinə, Naleyi-müjgan demişəm. Zülfünün hər telinə, Sünbülü reyhan demişəm... * * * Qız “Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal. “Tey” - tərlan balasısan, misli humay quşa Cəlal. “Sey” - səni, loğman səni, hər dosta sirdaşa Cəlal. “Cim” - Cəlil-Cabbar yandırmasın cəsədin atəşə, Cəlal. “Hey” - həkimsən, hikmətin düşübdür dildaşa, Cəlal. “Xey” - xudam xəlq eyləmiş nə gözəl əxlaq sana, “Dal” - deyəllər əqli olan məclisdən çırağı sana, “Zey” - zəlil Zeynəb beynavalar basdılar ağrı sana, “Rey” - rəbbin həzrətləri versin ömür badı sana, “Zey” - zaval yetirməsin aləmlərin xaliqi sana. “Sin” - səni tuş etməsin bed əməllərə, Cəlal. “Şin” - şəfa xəstələrə həmdərdlərin dəvasısan, “Sey” - salıbsan aləmə səda, Cəlal. “Zey” - zərif xoy-xasiyyətin Adəm atanın nəvəsisən, “Dey” - dalıb dəryalara möhrü-mühüt qəvvasısan. “Zey” - zülümət çek qəlblərin bəxşi fələyin pərvanasısan. “Ayın” - Əli, Ömərə, Osmana hədiyyə götürsün, Cəlal. “Qey” - Qərbə, Şərqə salmışam dostum, sənin adın. “Hey” - fələk faş eyləmiş külli Gürcüstana adın, “Kaf” - keçibdi Qax, Kuteyis, Tiflis, Gəngə, Şəkistana adın. Bakı, Quba, Dağıstana adın. “Ley” - ləbin Əbdülhəşim döndərmiş büstana adın. “Min” - Mirzə Məhəmmədi yetirsin sirdaşa Cəlal. “Nun” - Nəbi Məhəmməd xudan yetirsin çıxasan başa Cəlal. “Vey” - vurub otağını ol tamaşa etsin Cəlal. “Lav” - layıxlı keyf çəkək işində həmişə Cəlal. “Yey” - yazıb bu kəlməni sən kimi qardaşa Cəlal. * * * == Qoşmalar == A dünya Əzəl-axır başımıza belasan, Həsrətin bağnmı kesdi, a dünya. Duam budur; səni viran qalasan, Meni qoydun könlü yaslı, a dünya. Yar qoxusun dimağıma iylətdin, Eşqə saldın, gecə-gündüz göynətdin, Def çalıban meymvm kimi oynatdın, Şəqqə vurdun deste-destə, a dünya. Aynlıq naməsin yazdm dilimdən, Məhəbbət tasmasın açdm belimdən, Çəkibən, sevdigim, aldın əlimdən, Çıxartdın kəlləmdən tüstü, a dünya. Cahillik bəhrinə daşım atıbsan, Kamalsızlar cergəsinə qatıbsan, Ar-namusun bir qəpiyə saübsan, Bəs degilmi, daha bəsdi, a dünya. Axır verdim, atqaz etdin əızəmi, Unutdürdun sənətimi, fərzimi, İşin qanıb çevirmişəm yüzümü, Molla Cümə səndən küsdü, a dünya. * * * Aldanma Sevdiciyim, məndən sənə əmanət, Hər yetənə, yalançıya aldanma. Azdırarlar, fərar edər xasiyyət, Hər gördüyün dilənçiyə aldanma. Üç-dörd arşın bekar çitdən ötəri, Bir girvənkə şəkər, qənddən ötəri, Ağı olmuş beş qənfitdən ötəri, Hər çərçiyə, dükənçiyə aldanma. Molla Cuma səni sevdi əzəldən, Əlin çəkməz sənin kimi gözəldən, Evlər yıxan, araları düzəldən, Araçıya, tələçiyə aldanma. * * * Başını qoya Əsil dost məhləsinə girəndə, İstər ayağına başını qoya. Bədəsil doqqazda səni görəndə, Qaçıban tez salar özünü öyə. Bədəsil dost olan şadiman gəzməz, Nə hörmət eyləsən ürəyi qızmaz, Əsil dost sizinlə dostluğu üzməz, İstərsə boynuna yüz qılınc dəyə. Dəli könlüm, namərdlərdən qıraq ol, Başın üstə yandırsa da çıraq ol, Gəl, Cuma, bədəsil dostdan uzaq ol, Bir əsil dost var ki, oxşayır bəyə. * * * Bəri bax Başına döndüyüm alagöz ceyran, Aç gözünü, amandır, bir bəri bax. Yar olan yarına eylər bir çarə, Halım olub yaman, bir bəri bax. Giriftar eylədin dərdə məni də, Gül durubdu, sevdiyim, sağ yanında, Mən ovçuyam sən maralın dağında, Sürüdən ayrılmış, ceyran, bəri bax. Cüməni salmısan sən yanar oda, Qoymadın, əzizim, yetəm murada, Əslini bilmədim, ey mələkzada Hurisən, Pərisən, qılman, bəri bax. * * * Cümə gün Ey könül, haqqa iladət qıl Cümə gün, Zikr eylə, qəlbin pasını sil Cümə gün. Ver salavat, ol salamat Məhəmməd Mustafanın eşqinə, Neçə min Kəbə savabın qıl mübarək Cümə gün. Aşiq sadiq olanın tərki-dünyadır işi, Mömün odur ki, dünyada rast gəlməz hər işi Haqq buyurmuş buna layiq istərsə bir kişi Bir savabı min yazır o mübarək Cümə gün Oxunur məsciddə əzan, cəm olur bayu, gəda Ola dağlarla günahı əvf edə bayu xuda Oxunur minbərdə Quran fəzzi əda Bir dəfə zikr eylə sidq ilə Cümə gün. * * * Davalar Namərdinən mərddən xəbər söyləyim, Namərd öz könlündə mənlik davalar. Mərd olan al geysə, yekəlik bilməz, Namərd şilə geysə, xanlıq davalar. Ayıb olmaz mərdin heç nərəsində, Əslində, bətnində, nə zərrəsində. Namərd çavuş olsa kənd arasında, Gedər o, divandan donluq davalar. Cumanın göftarı arifə busat, Mərdinən dolanmaq asanddı, asand. Namərdin əlinə keçsə bir fürsət, Qəpiyin yerinə onluq davalar. * * * Dünyadı Ta ki, mənə mədh eyləmə dünyanı, Ha bu dünya bir bekara dünyadı. Hələ Adəm peyğəmbərdən qabağa Bir üzü ağ, biri qara dünyadı. Dünyaya düşənlər qismətin yeyər, Kamillər agahdı, cahillər uyar, Sehrkardı, işin bilənlər duyar, Vəfasızdır, təm məkkara dünyadı. Altun səfalıdı, mədən səfasız, Təbib şəfalıdı, xəstə şəfasız, İnsan vəfalıdır, dünya vəfasız, Əlbət, yaxşı bixəbərə dünyadı. Dəryalar bulanmaz daş düşməyinnən, Qəvvaslar qərq olmaz su daşmağınnan, Ariflər anlayar danışmağınnan, Əlarifə yek işarə dünyadı. Ağır suya girmə, keçə bilməzsən, Yıxar səni, çıxıb qaça bilməzsən, Qırar qanadların, uça bilməzsən, Şahin-şonqar dönən sara dünyadı. Ovçu-maral sözün qırağa qoyaq, Bir məndən, bin səndən, gəl, indi deyək. Əyri oturuban doğru söyləyək, Söhbət qatan zəhrimara dünyadı. Heç oxşarmı günə lampa işığı, Qarın doymaz yalamaqla qaşığı, Molla Cümə, sənin kimi aşığı Kəmənd ilə çəkən dara dünyadı. * * * Eyləsin Aşıq olan cövri-cəfaya dözsün, Ciyərini qara daşdan eyləsin. Dünya nemətindən əlini üzsün, Özün təmiz çörək, aşdan eyləsin. Bilmək istəyənlər aşıq rəsmini, Qalasın odlara gərək cismini, Dərs alanda alsın canan ismini, Sevda ilə qələm qaşdan eyləsin. Molla Cuma dərya kimi dolmasa, Saralıban heyva kimi solmasa, Bir gözəldə insaf, mürvət olmasa, Tanrı onu tezcə başdan eyləsin. * * * Əmanət Qurban ollam ala gözlü yara mən, Mən gedirəm, sən Allaha əmanət. Həsrətliyəm bağça ilə bara mən, Mən gedirəm, sən Allaha əmanət. Mən ki, burda qərib-qərib qalmışam, Ağ üzümə pərdələri salmışam. Hər nə desən qulluğunda durmuşam, Mən gedirəm, sən Allaha əmanət. Mən Cüməyəm, qulluq etdim yara mən, Həsrət qaldım bağça ilə bara mən, Vermərəm gülümü hüç xara mən Mən gedirəm, sən Allaha əmanət. * * * Get Gözəl, bircə, gözəl, dayan burada, Gözəl dərdim gözəl deyim sənə, get. Gözəl günüm gözəl qoydun qarada, Gözəl, rəhmin gözəl eylə mənə, get. Gözəl, varmı gözəl dərdə dərmanım, Gözəl aldı, gözəl dinim, imanım, Gözəlimsən, gözəl İsmi Pünhanım, Gözəl doğru, gözəl cavab denə, get. Gözəl Cuma, gözəl, doymaz sözünnən, Gözəl, qorxdum gözəl xumar gözünnən, Gözəl busə gözəl verib üzünnən, Gözəl canın gözəl qatıb cana, get. * * * Gəlmədi Səndən xəbər alım, ey badi-səba, Dilimin diləyi neçün gəlmədi. Sarmaşa boynuma, deyəm, mərhəba, Sərimin çələngi neçün gəlmədi? Neçə vaxt görmədim dost məhəbbəti, Versələr, almaram onsuz cənnəti. Behişt hurisidir yer səltənəti O ərşin mələyi neçün gəlmədi. Adını demirəm, İsmi Pünhandı, Ləblərinin suyu dərdə dərmandı, Bu Cümə müntəzir xeyli zamandı, Könül əyləncəyi neçün gəlmədi? * * * Hayıf oldu İsmi pünhan köçdü fani dünyadan, Qarışdı torpağa, göz hayıf oldu. Xudanın tədbiri beləymiş bizə, Soldu yanaqları, üz hayıf oldu. Əcəl çatıb nəfəs sana düzüldü, Qəm hicran tapdadı, bağrım üzüldü. Yenə sevdiyimdən əlim üzüldü, İxtilat tükəndi, söz hayıf oldu. Bu yazıq Cumanın dönübdü baxtı, Əsdi əcəl yeli, sərvimi yıxdı, Dedim ki, şad ollam bu bahar vaxtı, Töküldü burnumdan yaz, hayıf oldu. * * * İndi İsmi Pünhan, həsrətindən ağlaram, Fələk də yaşıma qan qatar indi. Dərdimi cəm edib dəftər bağlaram, Onun hesabına kim çatar indi... Cümənin sirləri xalqa yayılmış, Özü yuxusundan indi ayılmış. Əzəlki eşqimiz heç eşq deyilmiş, Təzədən ciyərim od tutar indi. * * * İsmi pünhan, neçin belə sınıqsan İsmi pünhan, neçin belə sınıqsan? Zülflərin görürəm şanadan qalmış. Sən allah, bu qədər çəkmə yanıq sən, Tək cana nügbarsan anadan qalmış. Tanrı qədərinə səbr eylə, dildar, Növbətdir hərlənir, hamıya, bil, var. Birində görünən iş deyil, dilbər, Zülm də ta əzəl binadan qalmış. Dost-düşmən içində gəzmə pozuq sən, Dağlama ciyərim sızıq-sızıq sən. Topla ver Cüməyə dərdin, yazıqsan, Əziz yadigarsan sonadan qalmış. * * * Mən thumb|Şeir daş üzərində Aşıqlıq Adəmdən icad olubdur, Ol Adəm atanın nəvəsiyəm mən. Nə qədər dünyaya aşıq gəlibdir, Küllü aşıqların anasıyam mən. Aşıq anasıyam, şairlər kökü, Gəzərəm dünyanı divanə təki, Mahalım Göynükdü, şəhərim Şəki, Layiski kəndinin binasıyam mən. Binəm Layiskiyə düşübdür mehman, Pədərim Salahdır, madərim Reyhan, Vələdim Həsəndir, əxim Süleyman, Familim Mollaoruc ədnasıyam mən. Ədnayam, kəmtərəm, dərdə dərmanam, Hənəfi məzhəbəm, həm müsəlmanam, Nəbim Məhəmməddir, əhli-Quranam, Mömin qardaşların aşnasıyam mən. Aşnayam gedərəm doğru yolunan, Bülbüləm, söhbətim olar gülünən, Danışsalar yetmiş iki dilinən, Ol qədər arifəm, qanasıyam mən. Qanıram, ustaddan almışam dərsi, Oxumuşam ərəb, türk ilə farsi, Fikrim seyr eyləyir ərşinən kürsi, Dərin kitabların mənasıyam mən. Mənada Mollayam, Molla Cumayam, İsmi Pünhan, oduna pərvanayam, Gəlmişəm cahana, bir gün fənayam, Axırda Kərəmtək yanasıyam mən. * * * Mənə Salam olsun sənə Molla Məhəmməd, Təzə aşıq oldum, saz göndər mənə. Amma özüm söz deməyə acızəm, Bir necə bənd deyib, söz göndər mənə. Dörd ağadır, dörd bağbandır, dörd də bağ, Dörd öləndir, dörd xəstədir, dörd də sağ, Dörd ovçudur, dörd ceyrandır, dörd də dağ, Bunun cavabını yaz göndər mənə. İki dodaq bu cahanı dürr etdi, İki səsin iki guşim kar etdi, İki mələk iki gözüm kor etdi, Təzədən ikicə göz göndər mənə. Dəryanın ğəvvası ölməgə baxmaz, Əlli beş sərçədən bir qırğı qorxmaz, İki şey insanın yadından çıxmaz, Onun sifarişin yaz göndər mənə. Molla Cuma özü yazdı bu yazı, Bülbül kimi xoş danışır avazı, Səndə olan ol əbyatı, kağızı Çox lazım olubdur, tez göndər mənə. * * * Qalıbdır Ay ağalar, ixtiyarsız dünyadır, Neçələrin ötgün sözü qalıbdır. Neçə uluların, neçə qazının, Neçə əfəndinin yazı qalıbdır. Neçələrin bala durmaz yuvada, Neçələrin əli qalmaz duada, Neçələri dövran sürür dünyada, Neçələrin seyri, düzü qalıbdır. Neçələri xınalayır əlləri, Neçələri döşə düzür gülləri, Neçələri nicələyir belləri, Neçə gözələlrin nazı qalıbdır. Neçələri mərhum olur beşində, Neçələri ölür otuz beşində, Neçələri gedir doxsan yaşında, Neçələrin gündə gözü qalıbdır. Mən Cüməyəm xoş keçinmir zamanım, Axirətdə qarşı gəlsin imanım, Beş gün dövr etməyə gəlmir gümanım, Ol Aşıq Rəcəbin sazı qalıbdır. * * * Layısqı Nə gözəl vətənsən, mübarək kəndsən, Qismət oldun biz ümmətə, Layısqı. Yan gəzənlər sənin qədrini bilməz, Sən hayıfsan müxənnətə, Layısqı. İlimiz dünyada on iki aydır, Arzumuz geyməkdir, şadlıqdır, toydur, Gözəlin gözəldir, cavanın saydır, Bəzənmisən yüz ziynətə, Layısqı. Molla Cümə qəm-hicrana batıbdır, Ahu-zarı asimana çatıbdır, İsmi-Pünhan səndə qərar tapıbdır, Oxşayırsan lap cənnətə, Layısqı. * * * Sona Nə yandırdın eşq əhlinin canını, Sənsən bu dünyanın maralı, Sona. Tökməginən sən aşığın qanını, Soluban gül rəngin saralı, Sona. Bağban olub bağlarına girmədim, Qızıl gülü dəstə-dəstə dərmədim. Dərib sevdiyimə verə bilmədim, Alışan ocaqlar qaralı, Sona. Gözəllər içində məşhurdur üzün, Məxluqat içində şirindir sözün, Xumarlanmış, canan, qaş ilə gözün, Nə üçün gəzirsən aralı, Sona. İndi düşdü ayrılığın zamanı, Kim eylərdi böylə işə gümanı, Xəzəl tək saraltdın Molla Cüməni, Başım olub mənim bəlalı, Sona. * * * Oldu İlisunun hamamına varanda, Kəndin gözəlləri mənə tuş oldu. Görən təki məndə aman qalmadı, Əqil getdi başdan, lap bihuş oldu. Kimisi gəlmişdi, keyfə, damağa, Kimisi də yatıb qaldı sabaha, Canım qurban ayna kimi qabağa Ağ üzündə xalı qələm qaş oldu. Mən Cüməyəm, başım düşdü bəlaya Hamam döndü qızılgülə, lalaya. Yönümü çevirdim Tovla Talaya, Hayıf ki, yollarım qara daş oldu. * * * Tamaşa Ay ağalar, heç qorxmuram ölümdən, Torpaq altda yatandadı tamaşa. Neçə günah qurtarıbdı əlimdən, İnkir-Minkir sorandadı tamaşa. Xilaf yoxdu alimlərin sözündə, Yazılıbdı dörd kitabın özündə. Çilin-çılpaq Ərəsətin düzündə Boynu buruq durandadı tamaşa. Molla Cümə, haqq bir divan qayırıb, Möminləri behişt içrə buyurub. Günahları dəstə-dəstə ayırıb Cəhənnəmə sürəndədi tamaşa. * * * Ya bir olar, ya iki İsmi Pünhan, niyə məndən küsübsən, Yaxşı-yaman ya bir olar, ya iki. Bir gün ölsəm, hamı deyər, yazıqdır, Canı yanan ya bir olar, ya iki. Sən şöləsən, dörd yanında fanaram, Bülbülünəm, gülşənindən kənaram. Od tutuban hər məclisdə yanaram, Dərdim qanan ya bir olar, ya iki. Hilal qaşa nə layiqdir o sürmə, Meylin qırıb məndən üzün çevirmə, Cümə deyər, hər yetənə sirr vermə, Dost mehriban ya bir olar, ya iki. * * * Yarəb Bir diləyim var dərgahımdan istərəm, İsmi olan o minbirə bağışla, Yarəb. Dilim duadadır, üzüm də haqda, Təbibim piri nurə bağışla, Yarəb. Biz ona ümmətik, o bizə ağa, Günahkar bəndəyik, düşdük ayağa. Ol hürü qılmana, səkkiz uçmağa85, Şərabən təhurə bağışla, Yarəb. Şərabən təhurə axar cənnətə, Qismət olsun bir günahkar ümmətə. Beş vaxt qılınan fərzi sünnətə, O, Leylətil Qədrə86 bağışla, Yarəb. Leylətil Qədrdir ildə bir gecə, Dostun hüzuruna gələr meyraça Ehsan üçün olan bir ay oruca, Qur`anə, Zəburə bağışla, Yarəb. Qur`anə, Zəburə, İncil, Tövrata, Sureyi Yasinə, başsız barata. Abi zəmzəm ilə abi həyata, Ol ali kösərə bağışla, Yarəb. Ali kösər içən olar şən, Musa gündə min bir kəlmə danışan. Eşqi tutub alovlanan, alışan, Ol Turi-Sinayə bağışla, Yarəb. Turi-Sina məsgən oldu Musaya, Əvvəli Adəmə, sonra Həvvayə. Yüz iyirmi dörd min gələn mövlaya87, Xatəmül Muxtara bağışla, Yarəb. Xatəmül Muxtar da şahdır İslama, Hənifə məzhəbə, o dörd imama Yığışıb gedərlər beytul həramə, Ol beytul məmurə bağışla, Yarəb. Beytul məmurda ziyarətkar məlaikə Yığılıb gedərlər küllü diləyə Yeddi qat yerlərə, yeddi fələyə, Şəms ilə Qəmərə bağışla, Yarəb. Səms ilə Qəmərə, gecə gündüzə, Xeyri-şəri yazarlar, Lohu məhfuzə. Qəriblikdə gəlib kim getsə bizə, O Nəbiyi Xızıra bağışla, Yarəb. Xızır çatsın qəriblərin dadına, Hər kəsi yetirsin öz muradına. Ənbiya məsgəni Məkkə, Mədinə, Şamilə buxara bağışla, Yarəb. Şamilə buxarda olan ərvaha, Yığılıb gedilən o bəngargaha Yunisi dəryada saxlayan mahata, Yeddilər qırxlara bağışla, Yarəb. Çağırram yeddi qırx ənbiyanı, Siz amini deyin, mən də duanı İki dözüm şöləsi ismi punhanı, Molla Cumayı kəmtərə bağışla, Yarəb. * * * == Qoşayarpaq qoşma == Canım peşkəşdir Bir zülfü ənbərə, qarşı peykərə, Bir gözü xumara canım peşkəşdir. Yanağı əhmərə, üzü qəmərə Bir dişi gövhərə canım peşkəşdir. Bir ləbi şükkərə, dili şəkkərə, Bir sinə mərmərə, bəxti əxtərə, Bir qəddi ərərə, təzə nükbərə Bir belə dilbərə canım peşkəşdir. Bir ismi əzbərə, əndamı tərə, Bir cavan bəkərə, gözəl duxtərə, Bir eşqi əxkərə, çox zülmkərə Cüməyəm, aşkara canım peşkəsdir. * * * == Gəraylılar == Demədimmi Bivəfadan aşna tutma Könül, sənə demədimmi? Yaradan Haqqı unutma, Könül, sənə demədimmi? Nəsihətdən çıxmaginən, Özün oda yaxmaginən, Hər yetənə baxmaginən, Könül, sənə demədimmi? Gözəllərdə vəfa olmaz, Daim duran belə qalmaz, Ay mədəd, yar yenə gəlməz, Könül, sənə demədimmi? Ey könül, eşqə dolarsan, Xəcalətdən tez solarsan, Bir günü peşman olarsan Könül, sənə demədimmi? Ey könül, qazanın daşır, Dərdi-qəmin başdan aşır, Molla Cuma gözdən düşür, Könül, sənə demədimmi? * * * Dönməz Bir gözələ gözüm düşdü, Mən dönərəm, könül dönməz. Ruhum getdi, əqlim çaşdı, Mən dönərəm, könül dönməz. Dərdimi söylərəm başdan, Ay qabaqdan, qələm qaşdan. Şirin dilli bir ölmüşdən Mən dönərəm, könül dönməz. Molla Cümə, eylə dastan, Mail baxan gözü məstan, Bir vəfalı, sevən dostdan Mən dönərəm, könül dönməz. * * * Gecəsidi Ağalar, bir gözəl sevdim, Mübarək xas gecəsidi. Məlul könlüm, dur silkələn, Eşqə həvəs gecəsidi. Mən mailəm səntək cana, Gəl, gözümdən getmə yana. Muştuluq dost-aşinama, Düşmənə yas gecəsidi. Dilimdə oxuram kəlam, Yuxum oldu mənə haram. Molla Cuma, al intiqam, Yardan qisas gecəsidi. * * * Gəldi Ay ağalar, gözüm yaşı, Çağlamağın çağı gəldi. Eşqin odu ürəyimi, Dağlamağın çağı gəldi. Burda bir maralım itdi, Fələk mənə zülm etdi. İsmi Pünhan yarım getdi, Ağlamağın çağı gəldi. Molla Cümə qalır yasda, Etibar yoxmuş heç dosta. Tərlan könlüm tovuz üstə, Ağlamağın (?) çağı gəldi. * * * Qoşuldu Yenə dərdim həddən aşdı, Canım odlara qoşuldu. Bağrı nəmli, gözü yaşlı, Adım, adlara qoşuldu. Şad könlümə su bağlandı, Ciyərim çarpaz dağlandı. İsmi-pünhan sığallandı, Gedib yadlara qoşuldu. Molla Cuma dərd yığnağı, Gövdəsi hicran ağnağı, Sər dəhanın boğanağı, Qalxıb badlara qoşuldu. * * * Olarmış Bir iyidin bəxti olsa, Ellər ona yar olarmış. Dönüb işi tərsə düşsə, Yarı da əğyar olarmış. Bülbüllər çıxa bahara, Sözləri bənzər gövhərə, Kim getsə pulsuz bazara, Şəhər ona dar olarmış. Eşqin səməndini yaran, Dost yolunda boynun buran, Cavanlıqda dövran sürən, Qocalıqda zar olarmış. Kimdi mənim dərdim bilən, Gözdən axan yaşım silən, Cuma kimi yarı olan Ağlamaqdan kor olarmış. * * * Sənin Gözəl səndən xəbər alım, Var əndamın qarmı sənin? Dilin şirin, ləbin ballı, Bizə rəhmin varmı sənin? Qəddin çinar, belin şüşə, Dişlərin oxşar gümüşə, Buxağındı gül-bənövşə, Yanaqların narmı sənin? Döşündə bir cüt şamama, Nə yaraşır gül əndama, Layisqili Molla Cümə Doğru söylə, yarmı sənin? * * * Gözlərim eylə tamaşa Gözlərim eylə tamaşa: Yar qarşıda dayanıbdır. Mənim yatan kor taleyim İndi xabdan oyanıbdır. Ay qabaqda siyah tellər, Bülbül tək danışır dillər. Ağ biləklər, həm ağ, əllər Al xınaya boyanıbdır. Gözlərin oxşar badama, Ziyan verir çox adama, Layisqili Molla Cümə Baxıb səni bəyənibdir. * * * == Sallama gəraylılar == Düz vay eylər Vəfası olmaz maçının, Gərdəndə quyrum saçının. Bəxti dönsə bir ovçunun turğu uçar, ceyran qaçar, dağı keçər, düz vay eylər. * * * == Təcnislər == Ay aşa-aşa Bir tərlan baxışlı, kəklik yerişli, Seyr edir bağları ay aşa-aşa. Həsrətindən mən də odlara düşdüm, Məşğuldu gözlərim a yaşa-yaşa. Dərs alıb əlifdən, o nundan ötdü, Murğular çalıban onundan ötdü, Sevdiyimin yaşı onundan ötdü, Yetibdir on birə a yaşa-yaşa. Salıbdı sevdaya bu Cumasını, Gör necə sevibdir bu, Cumasını, Axtarıb tapmasa bu, Cumasını, Gəzərəm dağları, ay aşa-aşa. * * * Ay, ay Tək gəldin cahana, didarı göyçək, Dəndanı yaqutsan, ləlsən, ay, ay. Sinəndə iylənir ətirli çiçək, Nərgizsən, narıncsan, laləsən, ay, ay. Bahar oldu, düşdü ahu-fəryada, Həsrətsən lalə tək yüzə sən, bülbül. Ya gərək canını salasan oda, Ya gərək əlini yüzəsən, bülbül. Molla Cümə necə dözsün bu dağa, Bu sitəmə, bu düyünə, bu dağa, Məcnun edib saldın məni bu dağa, Ha gəzirəm eniş, yoxuş, düz, dərə. * * * Ayağa durmaz Zəhmətim əşəddir, bülbülüm gülsüz, Zar olur könlümüz, ayağa durmaz. Zəbanım bəstədir, dəhanım dilsiz, Zəncəfil göz yaşım a yağa durmaz. * * * Amandı Hüzuruna gəldim, gözəllər şahı, Bu xabdan gözlərim oyat, amandı. Dilin fəsih etmiş qadir Allahı Şux danış bir neçə ayat, amandı. Mən içdiyim Xızır Nəbi verəndi, O səbəbdən bu şad könlüm virandı, Şəkkin varsa, qoy qabağa ver andı, Aradan pərdəni ay at, amandı. Güləbatın zülfdən bağışla mənə, Dərməyə bəhərin bağışla mənə, Oyatdım yuxudan, bağışla mənə, Cumaya sarmaşıb a yat, amandı. * * * Bülbül Bahar oldu düşdü ahu-fəryada, Həsrətsən lalətək yüzə sən, bülbül. Ya gərək canını salasan oda, Ya gərək əlini yüzəsən, bülbül. Xızr kimi boylayıbsan dərinə, Xar yalayır qızılgülün dərinə, İsmi Pünhan açsa şəfqət dərinə, Verrəm haqq yoluna yüz əsən, bülbül. Molla Cuma ümid bağlar hər ayə, Bir dərindən çıxıb getsin harayə, Haray etsəm gəlib yetiş haraya, Yetirdin dərdimi yüzə sən, bülbül. * * * Düz dara İsmi Pünhan, o mövlanı sevərsən, Çəkmə seyrəqubla məni düz dara. Amandı, sevdiyim, gəzmə pərişan, Zülflərini gərdanına düz, dara. İsmini çəkəndə dilim inciməz, Vəsfini yazanda əlim inciməz, Gündə yüz zülm etsən halım inciməz, Mənsur kimi çəkilmişəm düz dara. Molla Cuma necə dözsün bu dağa, Bu sitəmə, bu düyünə, bu dağa, Məcnun edib saldın məni bu dağa, Ha gəzirəm eniş, yoxuş, düz dara. * * * Sən də Göründün gözümə mələk simalı, Geyibsən qəddinə ay ağı sən də. Pirimin verdiyi qədəh misalı, İçirdin bir qədəh ay ağı sən də. İki mim, hey ilə a dalı yazdım, Ayın lam ismilə a dalı yazdım, Zay etdin ağlımı a dalı yazdım, Olubsan canıma ay yağı səndə. Çətin mən də bu sevdaya yanaşım, Dostluq üçün bir yanına yanaşım, Pərvanəyəm baxtım ola yanaşım, Əriyə cismimin a yağı sən də. Atadan qalmışam bir öksüz yetim, Ağa, sən rəhm eylə, murada yetim, Qapında qul oldum, yolunda yetim, Bas dedim üstümdə ayağı sən də. Mən ömrümü verməmişəm bil sənə, Dörd qara gün əskik olmaz bil sənə, Molla Cuma sığınıbdır bil sənə, Bu işdə dalda dur ay yağı sən də. * * * Yanaram Fərhad kimi cani-sərdən keçmişəm, Kərəm kimi alışaram, yanaram. Bir meyvəyəm qədirsizə düşmüşəm, Ya heyvayam, ya almayam, ya naram Əlif-beydən mən axtaram bu satdı, Dost peşmandı, düşmənlərə büsatdı, Sərt heyvandım, cilovlayıb bu satdı, Ya pələngəm, ya aslanam, ya naram. Doqquz ay dolanıb qar qışa düşdü, Hicranım artdıqca qarğı işə düşdü, Yəqin Molla Cümə qarğışa düşdü, İsmi Pünhan məndən sərtdir, yanaram. * * * == Divanilər == Haray-haray Ya ilahim, sən olasan ayarım, haray - haray, Yar yanında çünki yoxdur ayarım haray - haray, Yalovlanıb eşqim üstə çox eylədin haqqı-say, Yel apardı namusumdan ayarım haray - haray. Yuxlamadım tifilikən anam çaldı a laylay, Yandırıbdı hicran mənim cəsədimi a laylay, Yuma məhşər divanında xalq duranda a laylay Yarım sənə dad eyləyir ayarım haray - haray. Yazıq Cuma oxlanıban yandırıbdı yeri, göy, Yağar leysan, bahar fəsli nəbat eylər yeri göy, Yüz iyirmi dörd min Nəbi hörmətinə yeri göy Yaxşı eylə ölən vəqtə ayarım haray-haray. * * * Qadasın aldığım Yar adına mən dolanım, qız qadasın aldığım, Açılanda fəsli-bahar, yaz qadasın aldığım, Bu qəzəli dilnən desəm, dilim yanar kül olar, Qoy alım əlimə telli saz, qadasın aldığım. Qələm qaşın əyməlidi, qaynar qanım mənim, Sən təki qədirbilənə peşkəşdi canım mənim, Heç gözəldə gözüm yoxdu, düzü, peymanım mənim, Gözəllikdə yoxdur sənə söz, qadasın aldığım. Belə yardan kim inciyər, çağıranda hay verir, Al yanaqdan zəkat çıxır, bir busə də pay verir, Dili şirin qəndi-nabat, məməsindən mey verir, Cuma ilə zarafata döz, qadasın aldığım. * * * Olarsan Sığıngınan yaradana, bəndəyə dad eyləmə, Dostların könlün yaxıb, düşməni şad eyləmə. Havadar ol, yıxılmasın, evin bərbad eyləmə, Öz yurdundan özgə yerə köçmə, peşman olarsan. * * * Yavaş-yavaş Minib eşqin səməndini çaparam yavaş-yavaş, Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş. Sevən yarım şəfqət etsə o ləblərin suyundan, Od tutuban yansa canım, səpərəm yavaş-yavaş. Geyinmisən, yüz fitnəylə tilsim əynindədir, Məni bu dərdə salıbsan bablın boynundadır, İtiyim var, axtarıram, deyirlər qoynundadır, İznin olsa, mən əl salıb taparam yavaş-yavaş. Mən Cüməni yad etmədin, heç bilmirəm günahım, Məni səndən cüda saldı min bir adlı pənahım, Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım, O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş. * * * == Müxəmməslər == Mədəd Gecə-gündüz duam budur, Cabbar Cəlildən mədəd. Axır zaman peyğəmbəri, Rəsul Xəlildən mədəd. Dörd səhabə, dörd məlayik, Həzrəti Cəbraildən mədəd. Doğru rahdə bizim üçün Olan dəlildən mədəd, Adəmin cəsədi yoğrulan, O Abi-gildən mədəd. Dəryada balıq qarnında Yunis oxur halətə. Dörd yol öldü Carcus Nəbi, Çıxdı axır səlamətə. Tutdu Əli Zülfüqarı Çalışdı qəzəvətə. Kərbəlada Həsən, Hüseyn Təslim oldu cənnətə. Mustafanın çeşmi-nuru Ol iki güldən mədəd. Yüz igirmi dörd min Nəbi Dünyaya qılmış zühur. Yeddi qat yer, yeddi qat göy Ərş-kürs, Qaf, Tur, Şəms, qəmər, mələk, nücum, İns, cins, mari, mur. Yüz sühüfnan endi Tovrat, Fürqani, İncil, Zabur, İxlasınan Yasin Taha Oxuyan dildən mədəd. İbrahim Ədhəm padşahkən Taxtdan qaçdı biçarə. Dost üzünə həsrət qaldı Yəməndə Veysəl Qarə. Əshab-Kəhfin kəlbi olub Qoşulaydım qırxlarə. Axır kəlam Molla Cuma Sığıngınan Qaffarə, Çün mağrifat dəryasıdır O nəhri-Nildən mədəd. * * * Pəri Yəqin bil kərəm kanı, Mən yanıram ataşına. Mayılam camalına, Həm gözünə, həm qaşına. Yıxılım ayağına, Durub dolanım başına, Həm sənə qurban olum, Həm də sənin yoldaşına, Yoldaşın pərvazdı, gəlin, Xub yerişin qazdı, gəlin, Bu necə əndazdı, gəlin, Baxışın şahbazdı, gəlin, Doğmuşsan şəmsü qəmər, Gül didarın yazdı gəlin. Ey bahar yazım, Durna avazım, Əlimdə sazım, Eşit niyazım, Aç qolunu qucaqlaşaq, Demək nə lazım, Oynatsın Molla Cümə, Şamama tək səni pəri. * * * Pəri Nagahdan gördü gözüm, Sən təki insanı, Pəri. Hurisən, Məlikəsən, Cənnətin qılmanı, Pəri. Yaralar məlhəmisən, Dərdlərin dərmanı, Pəri. Gözəllər sərdarısan, Məhbubların xanı, Pəri. Şah kimi taxta çıxıb, Edərsən divanı, Pəri. İzzət, ikram qılaram, Xidmətində qalaram, Qul-qurbanın olaram, Əgər qəbul eləsən, Qolum boynuna salaram. Qolum boynunda, Əlim qoynunda, Çiynim çiynində, Eşqin beynimdə. Sarmaşıb köynək kimi, Durum sənin əynində. Əyninə al məni, gəl, Qat bu cana canı, Pəri. Gəl qataq canı cana, Xatirimə dəyməgilən. Sındırıb şad könlümü, Dal qəddimi əyməgilən. Gəlmişəm ayağına, Naz-qəmzəni öyməgilən. Sevərsən bir Tanrını, Mən yazığa qıymagilən. Ver mənim muradımı, Qiyamətə qoymagilən! Qiyamətdi qaşların, Güləbatın saçların, İnci, mərcan dişlərin, Xub fincandır döşlərin, Bu biçarə başıma Çox ağırdır daşların. Ağır daş atma, Nazını satma, İşi uzatma, Xalqı oyatma, Qanıma bais olub Babala batma. İki dostun arasına Salmagılan qanı, Pəri! Qan salma aralığa, Çün eşqimə pərvanəsən, Bəxtəvər yaranmısan, Bu dünyada bir danəsən. Sərraflar qədrin bilir, Cəvahirsən, dürdanəsən. Xoş qılıq, xoş ixtilat, Açıq qabaq – mərdanəsən. Al-əlvan hənalayıb, Tök tellərin gərdənə sən. Gərdən göyçək, tel nazik, Qucmaq üçün bel nazik, Barmaq şümşad, əl nazik, Xoş danışan dil nazik. Çox qəmlidir ürəyim, Bircə danış, gül nazik. Nazik uşaqsan, Kağızdan ağsan, Ağca buxaqsan, Qaymaq dodaqsan. Maşallah, göz dəyməsin, Əcəb yumşaqsan. Bircə gecə eylə qonaq, Sevindir mehmanı, Pəri. Mehmanınam, gəldim sana, Eylə qonaq, al qoynuna. Götürüb qucağına, Tifil kimi sal qoynuna. Yalayım tər sinəni, Dağılıbdır bal qoynuna. Sərvətli tüccar kimi, Doldurmusan mal qoynuna. Yerbəyer müştərilər, Eyləyibdi yol qoynuna. Müştəriyəm boyuna, O gözəlcə xoyuna, Ətrü-ənbər boyuna, Edən haqqü sayına, Dərdlərə dərman olan, Abi-kövsər çayına. Çayın popuxdur, Rəngi də şuxdur, Suyun soyuqdur, Yaza yovuqdur, Kipriyin oxdur. Gəzsələr cəmi dünyanı Heç tayın yoxdur. Kim olar bərabərin Sənsən Kərəm kanı, Pəri?! Yəqin bil, kərəm kanı, Mən yanıram atəşinə! Beyqafıl gəldim bu gün, Düşdüm betər savaşına. Mayılam camalına, Həm gözünə, həm qaşına. Yıxılım ayağına, Durum dolanım başına. Həm sənə qurban olum Həm də sənin yoldaşına. Yoldaşın pərvazdı, gəlin! Xub yerişin qazdı, gəlin, Bu necə əndazdı, gəlin, Baxışın şahbazdı, gəlin! Doğmusan şəmsü-qəmər, Gül didarın yazdı, gəlin. Ey bahar, yazım, Durna avazım, Əlimdə sazım, Eşit niyazım, Aç qolunu qucaqlaşaq, Demək nə lazım. Oynatsın Molla Cuma Şamamatək səni, Pəri! * * * == Müsəddəslər == Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə Bəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə, Dərdin artmış dəryadan, etməz əlac loğman sənə. Yanğılısan ol qədər, kar eləməz ümman sənə, Ah çəkib ağlagilən, gəlibdir bir mehman sənə. Şirindən olsun əmin, vacibdir yüz qurban sənə, Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?! Dost olub bir düşmanın həmişə səni aldadır, Kəsibdir cəllad yanın, taxmış kəməndi, qoldadır, Cilovun tutmuş ərəb, meyli düzəlib yoldadır, Dağlardan ağır yükün möhkəm sarışıb daldadır, Zərrəcə yoxdur xeyir irişsə yüz karvan sənə, Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?! Bir şəxsə ki, etdin nəzər, baxıb doymaz gözün sənin, Yüz işvə, yüz naz elə, yaxan əldən qoymaz sənin, Yüz nəsihət verəsən də, əsla sözün saymaz sənin, Məluna meyl etməgin bir qəpiyə dəyməz sənin. Çəkibən yay-oxunu istər ata peykan sənə, Bixəbərsən, ey könül,nə eyləmiş dövran sənə?! İki bağın meyvəsini tənha dərib, bəkr etginən, İki qonağın gələcək tədarükün fikr etginən, Örtmə iki qapını sən, açıb qoyub şükr etginən, İki yolun bağlayıb, daldasında zikr etginən, İkini götür dilə, onlar edər dərman sənə, Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?! Yazıqdır Molla Cuma, qayıt yola tez, ay könül, Yüyrək atdan düşgünən, kəm niyyətin poz, ay könül, Doxsan bir cəvahiri ipliyinə düz, ay könül, Yüz on dörd qapıdasan, dad eləyib gəz, ay könül, Bəlkə qıla bir mərhəmət ol yaradan Sübhan sənə. Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?! * * * == Bayatılar == Bayatılar Əzizim, yüz il məni, Xalına düz ilməni. Vəfalı dost yad olmaz, Görməsə yüz il məni. Aşiqəm, yüz il məni, Düymələ (-gəl) yüz ilməni. Vəfalı dost yad olmaz, Görməsə yüz il məni Aparar tatar məni, Qul eylər, satar məni. Bir vəfalı dost olsa, Axtarar tapar məni. Apardı tatar bəni, Qul edib satar bəni. Bafalı yarım olsa, Axdarar tapar bəni. Ağlaram, bilən olmaz, Göz yaşım silən olmaz. Molla Cümə, ah çəhmə, Haraya gələn olmaz. Ağlaram, tellər ağlar, Yaş tökər, sellər ağlar. Cümənin dərdin duysa, Ölkələr, ellər ağlar. Ağlayan yaş ağlayar, Gözünən qaş ağlayar. Cümənin dərdin duysa, Cigəri daş ağlayar. Aşiqəm, bir dəm ara, Nəştər vur bir dəmara. Məni zülfün vurubdur, Sən vurma, bir də mara. Əlim ayrı, üz ayrı, Doxsan ayrı, yüz ayrı. Mən ki səndən dönmərəm, İstərsən dön yüz ayrı. Aşiqəm mən, ac arı, Yuyulmamış acarı. Hər kim yara pis desə, Dilin vursun ac arı. Dərd belə canda olu, Cəsəddə, canda olu. Yar gəlib seyr etməyə, Açmışam canda yolu. Yox, dalım təzə yaydır, Kamandır, təzə yaydır. Yarım daldan çıxanda Deyirlər, təzə aydır. Aşiqəm, çəkən dərdi, Çəkdikcə çəkən dərdi, Yüz dəvə çəkə bilməz, Bir canım çəkən dərdi. Aşiqəm, al qaranı yaz, Qələm al qaranı yaz, Əvvəl dəftər başına, Mən bəxtiqaranı yaz. Aşiqəm, gül əsəndə, Darışıb güləsən də, Bülbülün bağrı çatlar Yel dəyib gül əsəndə. Dağı qar qucar yatar, Sonanı sar qucar yatar, Cəfanı bülbül çəkər Gülü xar qucar yatar. Mən aşiqəm bir az gül, Bir az nərgiz, bir az gül, Çünki sən çox gülmüsən Xətrim üçün bir az gül. * * * Bayatı-tapmacalar Aşiqəm mən bir ata, Bir oğula, bir ata. Səksən qatır, yüz dəvə Yüklənibdir bir ata. Mən aşiqəm bir yerdə, Bir göydədir, bir yerdə. Haq yaratdı, görmədi, Mən görmüşəm bir yerdə. Xuda çatmaz dada, Cümə, Yetməzsən murada, Cümə. Sirr vermə gəl yada, Cümə, Cəfan gedər bada, Cümə. * * * == Qəzəllər == Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək, Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək. Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan, Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək. Əl şüşə, barmaq qələm, dırnaq sədəf başdan-başa, İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək. Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz, Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək. Avazı bülbül kimi, danışanda dür tökülə, Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək. Hər səhər min naz ilə sığallanıb qarşı çıxa, Yerişi kəklik kimi, həm libası məxmər gərək. Ağıl ola başında cəm, həm gözləyə namus-arı, Ədəbi-mərifəti, el dilində əzbər gərək. Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan, Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək. Bu nişanda sən kimi məhbubənin xidmətinə, Mən kimi, Molla Cüma, bir cigəri əxtər gərək. * * * Çevril bir bəri bax, ey yari vəfadar getmə Çevril bir bəri bax, ey yari vəfadar getmə Qoyub hicrində məni böylə giriftar getmə. Sən belə getməginən həsrət-firqət adına Yanmışam, yaxılmışam dildar, dilbər getmə. Ey sərv qamətli canan, gəl sərimə sal saya Qəribəm binəvayam sən ol havadar getmə. Sən təbibsən mən zəif dərdimə çarə gərək Sonra dərmansız ölər bu xəstə bihar getmə. Qorxuram ki, gedəm xoş məzarın təlx edələr Yolunu bənd eyləmiş bədguh-bədgar getmə. Qayit allahı sevərsən bu könlümü şad eylə Danış şirin dilinən bir neçə göftar getmə. Aç qolunu sal boynuma sarmaşğınan ay dost Qoy baxıb əğyar sözünə bu qədər………. Baxıb əğyar sözünə bu qədər incitmə məni Nə demiş xilaf demiş o binur bimar getmə. Yalvara, yalvara busə verib peşman oldun Cümədən küsməginən səndədir ixtiyar getmə. * * * Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir. Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər Öz-özümə səbir verdim dedim mahi-taban gəlir. Çıxardıb al libasını geyibdi qara donları Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir. Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir. Molla Cümə çıx daldadan səni görsün o sirdaşın Bəlkə canı qərar tapa eşidib bigüman gəlir. * * * == Deyişmələr == Qafiyə və təcnisin deyişməsi Qafiyə Ey dörd hərfli, salamımı qəbul et, Məndən salam bir də yara deyərsən. Sidqi-dildən bu naməyə nəzər et, Sonra sən də o dildara deyərsən. Təcnis Desən sağ ol, deməsən də nə deyim? Desən dedin, deməsən də nə deyim? Saxlaginən dildə desən nə deyim? Deyər olsan vara-vara, deyəsən. Qafiyə Eşqin kitabından almışam dərsi, Söylə sən avandı, söyləmə tərsi, Nə ərəbdi, nə türküdü, nə farsi, Oxuyuban qan işarə, deyəsən. Təcnis Çün arifsən işarəni qanasan, Təhər, töhmət eyləyibən qanasan, De yazıqdır, bais olma qana sən, Can alandı, o xunxara deyəsən. Qafiyə Əlif ki, var əlif beyin başında, O Sələfdir mahıların tuşunda, Gər ləlisə, bədəxşanın daşında Satılmazmı bir tüccarə deyəsən. Təcnis Tüccarıyam, allam ləli-Yəməni, Haqq çıxarsın aralıqdan yamanı, Xədənginə nişan etdi ya məni Ciyər oldu parə-parə deyəsən. * * * == Dastanlar == Molla Cümə ilə Aşıq Könülün deyişməsi Aşıq Könlü bir gün səhər tezdən dan yeri ağarmamış cardan durub Molla Cumanın evinə gəlir. Qapını döyür. Arvad deyir: -Kimsən? Deyir: -Molla Cumanı istəyirəm. Arvad: -Molla Cumaya xəbər verir. Molla Cuma tumançaq kürkünü çiyninə salıb əlində xəncər Aşığın qabağına çıxır. -Salam. -Əleykəssəlam. Xoş-beşdən sonra Molla Cuma deyir: -Buyur, evə gedək. Aşıq Könlü deyir: -Xeyr. Evə getməyə gəlməmişəm. Deyişməyə gəlmişəm. Ya sən aşıqsan, ya mən. Deyir: -Gəlmisən çox gözəl, buyur dəyişək. Aldı Könlü görək nə deyir: Könlü: Salam olsun sənə, ey Molla Cuma, Yaqut ya mənəmi, ya mənmi gəlim? Bir neçə sözlər var bil xəyalımda Yaxşımı söyləyim, yamanmı gəlim. Cuma: Salam olsun sənə ey aşıq Könlü Yaqut mədəninə gəlirsən bir gəl Uzaxdan uzağa eyləmə hap-gop ………… olub gəlirsən dur gəl. Könlü: Girməyib dəryada ay üzdə dursun Süsəni sünbülü ay üzdə dursun. İstərsən saxlayım ay üzdə dursun, İstərsən çalxıyıb ya mənmi gəlim. Cuma: Bir ad sevdim heç vermərəm min ada Bir daş atdım dəydi düşdü Minada, Durmaz üzdə qalxıbsanda minada, Azdan nə bağlıdır gəlirsən dur gəl. Könlü: Məyən olsa haçan çatar at mənə Müjgan oxun sinəm üstə at mənə. Könlü deyər bir imtəhan at mənə Ya sən gəlirsənmi, ya mənmi gəlim. Cuma: Piyada atlıya çatmaz edalım Tənə sözlə ciyər bağran edalım İstəyirsən bir imtahan edalım Molla Cuma gəlməz, gəlirsən dur gəl. Molla Cuma deyir balam bura qapının ağzıdır. Burda durmaq yaxşı deyil. Görən bizi məzəmmət eylər. Gedək evə çay içək, çörək yeyək, oturaq söhbət eliyək. Sonra nə qədər istəyirsən yenə dəyişək. Könlü deyir elə şey yoxdur. Burda dəyişəcəyik. Belə olanda Molla Cuma başlayır. (Dübeyt) Xoş gəlmisən, Aşıq Könlü, Yerin vardır gözüm üstə Fərş edərəm ayağını Baş qoyaram üzün üstə. Könlü: Sağ olginən Molla Cuma, Bir cavab ver dilim üstə Gərək deyəm qulluğunda Söz qoşginən sözüm üstə. Cuma: Buyur gedək evə qonaq, Haq verəndən yeyək içək, Cavabın var orda açaq Söz qoygilən sözüm üstə. Könlü: Gəlməmişəm yemək-içməyə Yoxsa istəyirsən qaçmağa. Gəldim sənnən dəyişməyə Sazın durur qolum üstə. Cuma: Cumayam bilmərəm halın, Dərinə düşüb xəyalım, Görüm nədir su sualın Cavab verrəm dizim üstə. Könlü: Aşıq Könlü tanı mənəm Eşq əhlinin canı mənəm Canlıların canı mənəm Əl qoyginən əlim üstə. Molla Cuma yenə təklif eləyir. Aşıq Könlü qəbul eləmir. Camaat bunların başına yığışır. Onlar da Könlüyə evə getməsini xahiş edirlər. Könlü isə razı olmayıb inadla deyir: Gəlmişəm. Ya mən bunun aşıq olmadığını sübut edib gedəcəyəm. Sazını əlindən alacağam, ya da bu məni yenəcəkdir. Deyişməyə başlayırlar. Könlü: Molla Cuma, səndən xəbər alayım O nədir ki, dünya qubarda durdu, Binasın atəşdən yaratdı allah Axırda məkanı finnarda durdu. Cuma: Aşıq Könlü, sənə xəbər verəyim O şeytandır dünyada qubarda durdu. Binasın atəşdən yaratdı allah Axırda məkanı finnarda durdu. Könlü: Quranı göylərdən göndərən kimdir Alıban yerlərə əndirən kimdir Kafiri İslama döndərən kimdir Dönən azad oldu, dönməzi qırdı. Cuma: Quranı göylərdən allah göndərdi Cəbrayıl gətirib yerə əndirdi Kafiri İslama Əli döndərdi Dönən azad oldu, dönməzi qırdı. Könlü: O hansı sultandır dörddür vəziri O hansı surədir birdir vəziri O hansı nəbidir yedi hazırı Dilədi moladan yanında gördü. Cuma: O xatəmi muxtardır dörddür vəziri Oğulhüvəllahdır birdir vəziri O İsa peyğəmbərdir yedi hazırı Dilədi moladan yanında gördü. Könlü: O nədir ki, nuhun gəmisin deşdi, O nədir ki, otun şirinin seçdi O kimdir ki, abi-həyatdan içdi Bilinməz məkanı hardadır yurdu. Cuma: O siçandır Nuhun gəmisin deşdi, O arıdır, otun şirinin seçdi. O xızırdır abi həyatdan içdi Bilinməz məkanı hardadır yurdu. Könlü: Mən Aşıq Könlüyəm, hər yerdə adlı O hansı surədir bir yerdə məddi O hansı surədir ayəsi yeddi Oxunur hər zaman dildə əzbərdi. Cuma: Mən Cumayam, hər yanda söhbəti dadlı, O ənzalnadır bir yerdə məddi O süreyi əlhəmdir ayəsi yeddi, Oxunur hər zaman dildə əzbərdən. Bundan sonra Könlü hirslənib lateyer (götəlləmə) deməyə başlayır. Könlü: Molla Cuma səni agah eyləyim Hünərin yoxsa araya girmə. Aşıqlar söhbəti qoç davasıdır Beş qafiyə ilə araya girmə. Cuma: Aşıq Könlü yəqin inan bilginən Şələsi olmayan dəyirmana girməz Bir məsəldir atalardan qalıbdır Yabıya dözməyən xarmana girməz. Könlü: Çıxıb çölə tədarükün görməyən Dava etməz hünərini bilməyən Cibində ehtiyat pulu olmayan Nə məclisə getməz, meydana girməz. Cuma: Çıxanda tədarükün görginən çölün İşin düşsə bir yana çatmaz əlin. Cibində yox isə ehtiyat pulun Özgə ilə mərc etmə qaraya girmə. Könlü: Aşıq Könlü könülləri bəsləyər Düşən yerdə loğman ölüm xəstəyə Südün yoxsa heç qarışma dəstəyə Toğlusan dur yanda bərəyə girmə. Cuma: Molla Cuma bərki boşu görübdür Neçə aşıqların gülün dəribdir Movlan qismət edib xızıl veribdir Üzməyi bilmirsən ümmana girmə. Yenə Molla Cuma və camaat Aşıq Könlüyü evə təklif edirlər. Könlü razı olmur. Molla Cumaya lateyir deməyə onun tumançaq, baş açıq, kürklü vəziyyətini məsxərəyə başlayır. (Dübeyt) Könlü: Başın kəkil qıçın səkil Rəngin bir qulu Cuma. Rızrıban kənar çəkil Mudarın ala Cuma. Cuma: Gözün göydür, qaşın sarı Rəngindir narınc Könlü Tıxırsan elə çülmədarı Neylərsən pernic Könlü. Könlü: Həmişə belə naşarsan Quzğun kimi çox yatarsan Gecələri yer eşərsən Gündüz gir kola Cuma. Cuma: Sən ki məni ……. Eylədin İt oluban tək eylədin Bərk toylada kök eylədin Nə bilərsən birinc Könlü. Könlü: Sən Cumasan, mən də Könlü Gəl mənim açma nağlı Nə ki səndə olan kəmal, ağlı Almaran bir pula Cuma. Cuma: Sən Könlüsən, Cuma şəkili Hər kəs olsun öz vəkili Cuma satılsa dür tökülür Sən satılsan birinc Könlü. Yenə yalvarırlar. Fayda çıxmır. Könlü sazını və sözünü tərifləyir. (Dübeyt) Könlü: Şükür haqqa eyləmişəm Namusum var ar yerinə Aşıqlıqda tək gəlmişəm Saz çalaram tar yerinə. Cuma: Şükür olsun o allaha Çox veribdir az yerinə Məni saldı beylə raha Xəncər sallam saz yerinə. Könlü: Yüz min iki fənd eyləsən Dil ağzımı bənd eyləsən Yerişini könd eyləsən Səni allam yar yerinə. Cuma: Suyum şirin, adım gözəl Mənə olsun qadan gözəl Özün tüksüz nadan gözəl Qəbulumsan qız yerinə. Könlü: Aşıq Könlü könül püstanı Çağırram xızı ustanı Dağıleydi Şəkistanı Allah versin çar yerinə. Cuma: Molla Cuma göhər ləli Çağıraram zül cəlalı Dağıleydi çar mahalı Yel aparsın toz yerinə. Yenə camaat araya girdi. Dedilər ay canım belə iş olmaz. Kamil kişisiniz. Sizin üçün ayıbdır. Könlü dedi yox. Yenə başladı: (Qafiyə) Könlü: Molla Cuma səndən xəbər alayım O kimdir dünyada çox çəkdi dərdi Vücudu çürüyüm cümlə töküldü Düşməyə qoymadı bir dənə qurdu. Cuma: Aşıq Könlü sənə xəbər verəyim Eyyub peyğəmbərdir çox çəkdi dərdi Vücudu çürüyüb bənd-bənd töküldü Düşməyə qoymadı bir dənə qurdu. Könlü: O hansı sultandır dörddür qulluqçu O dörd qulluqçunun biridir doqçu Biri hesabdardır, biri də elçi Biri çalıcıdır birginən durdu. Cuma: Dörd qulluqçusu olan Cabbarı cəli O dörd qulluqçudan elçi Cəbrayıl Hesabdar Mikail doqçu əzrayıl Çalıcı İsrafil bilmişəm durdu. Könlü: O nədir ki, dildə haqqın sifarı O hansı surədir biridir zəbəri O hansı ərəbdir on iki nəri Üç yüz altımış mayanı qatara qoydu. Cuma: O tohiqdir dildə haqqın sivarı İnna əteynadır biridir onun buvarı Ulumuzdur ərəb on iki ay nəri Üç yüz altımış günü qatara vurdu. Könlü: O nədir insandan misala quşdur O hansı məshəbdir şərtləri beşdir Yasından təbarəktə nə ayıb keçdi Bəraət dasına nə sovqət verdi. Cuma: Orucdur insandan misala qoşdur Dinimiz islamdır şərtləri beşdir Yaqulinə ilə təbarək kəşdi Bəraət daşına bismillah etdi. Könlü: Mən aşıq Könlüyəm Könlümdür gümrah O kimdir ki, əvvəl quldur sonra şah O kimdir ki, dəryalarda uddum mah Kimnən kimə bunlar belə əmidir. Cuma: Molla Cuma gecə gündüz çəkər ah O Yusifdir əvvəl quldur sonra şah O Yusifdir dəryalarda uddu mah Xudavənddən bunlar belə əmidir. Yenə yalvar-yapış elədilər. Fayda vermədi. Deyişməyə başladılar. Cuma: Aşıq Könlü sənə minnət eylərəm Getginən buradan abrın üstə Yaşın az olsa da özün kamilsən Bir hösələn olsun səbrin üstə. Könlü: Molla Cuma mənə minnət eyləmə Durmaram özgənin oyunu üstə Gərək dinlə alam səndən qısası Beyit deyəcəyəm beyitin üstə. Cuma: Əslimiz şairdir biz də şairik Düşərsən azara yığarsan unsux, Qalarsan altında olarsan mənsub Necə quran gəldi zəburun üstə. Könlü: Elə demə özün altdan qalarsan Xiffətindən saralıban solarsan Bir gün sabah dərdə düşüb ölərsən Oxuyanlar gələr meyidin üstə. Cuma: Cuma bir çeşmədir qaynayıb axmaz, Hər yetən namərdin sözünə baxmaz. Sənə bir toy tutar yadından çıxmaz, Bir qarış ot bitər dərdin üstə. Könlü: Gərək gedəm bu yerlərdə ad qoyub Dostum ağlar, düşmənimi şad qoyum. Könlü deyər cəsədinə ad qoyum Yandırram piltətək növütün üstə. Bağlama Könlü: Göydən yerə neçə söhv enibdir Əvvəl gələn kimin üstə dayandı Ol qalanı de kimlərə verdilər Lap çoxusu hansı kəsdə dayandı. Cuma: Göydən yerə yüz söh enibdir Əvvəl gələn adam üstə dayandı Otuzu verildi İdris, Nəbiyə On xəlildə , əlli şistə dayandı. Könlü: O kimdir ki, ərşi-əlanı bəzədi O nədir ki, qızıl güldən təzədir O nədir ki, əvvəl-axır bizədir Nöbət-nöbət axır nəstə dayandı. Cuma: Həsən , Hüseyn ərşi-əlanı bəzədi O elmidir qızıl güldən təzədir O ölümdür əvvəl-axır bizədi Nöbət-nöbət axır nəsdə dayandı. Könlü: İbrahim Xəlil xabda görən quş nədir Ol ağası burduğu iş nədir Bir qəfəsdə üç yüz altımış quş nədir Cümlə tanı bir nəfəsdə dayandı. Cuma: İbrahim xabidə oldu xəbərdar Oğlunu qurbanlıq buyurdu Cabbar Hər insanda üç yüz altımış damar var Cümlətanı bir nəfəsdə dayandı. Könlü: O kimdir ki, xeyrin-şərin yazarlar O kimdir ki, vurub başın əzərlər O kimdir ki, qatar-qatar gəzərlər Hansı yerdə dəstə-dəstə dayandı. Cuma: Kərəmən katibdir xeyri-şəri yazarlar İnkir-minkir vurub başın əzərlər. Məlayikələr qatar-qatar gəzərlər İbadətdə dəstə-dəstə dayandı. Könlü: Aşıq Könlü ömrün pənah eylədi O kimdir ki, qızı ilə zina eylədi O kimdir Kəbəni bina eylədi Bildir görüm neçə yaşda dayandı. Cuma: Molla Cuma haqqa səna eylədi O qaraçıdır qızı ilə zina eylədi istəyirk İbrahimdir Kəbə bina eylədi Söykəndi hasaya xəstə dayandı. Axırda Könlü bir latayır deyib Molla Cumanı pişikdirmək istəyir. Könlü: Molla Cuma səni qoşmaq istərəm Kəlçə kimi görünürsən mənə sən Laçın kimi çalıb qaçmaq istərəm Sərçə kimi görünür mənə sən. Cuma: Aşıq Könlü səni minmək istərəm Qatır kimi görünürsən mənə sən Qorxum budur yaxın dursan yoluxarsan Qotur kimi görünürsən mənə sən. Könlü: Tutub boğazından elə sıxaram Gərəldikcə gözlərinə baxaram İtələyib dalı üstə yıxaram Yatır kimi görünürsən mənə sən. Cuma: Barmaq salıb gözlərindən oyaram Çəkib dərin dir-dir soyaram Burub-büküb dizim altdan qoyaram Xalça kimi görünürsən mənə sən. Könlü: Aşıq Könlü qaçanmışdır qaçam mən Açıqlıqda bir az səndən bacam mən Heç bilirsən indi necə … mən Külçəkimi görünürsən mənə sən. Cuma: Mən Cumayam doğru sözü deyərəm Oxloy alıb xəngəl kimi yeyərəm Ac qurd kimi bir loxmada yeyərəm Fətir kimi görünürsən mənə sən. Üenə yalvarır deyir canım acsan gedək çörək ye. Ayıbdır. Camaat da təvəqqə eləyir. Könlü yenə deyişməyə başlayır: Könlü: Üç şey nədir insan üstə gəldilər Danışdılar biri yüzdə dayandı Əvvəl ikisi gəzdi cümlə aləmi Biri başda, biri üzdə dayandı. Cuma: Əql həya iman insan üçün gəldilər Danışdılar iman döşdə dayandı Ol ikisi gəzib külli aləmi Həya üzdə, ağıl başda dayandı. Könlü: O nədir ki, göy üzünə sərildi O kimdir ki, dörd yol öldü dirildi Əlli nə deyən şeydir bizə verildi Minnət oldu axır beşdə dayandı. Cuma: O ulduzdur göy üzünə sərildi Cərcəs nəbi dörd yol öldü dirildi Əlli namaz gündə bizə verildi Minnət oldu axır beşdə dayandı. Könlü: O nədir ki, xalq quranda itirdi O nədir ki, gecə-gündüz ötürdü O nədir ki, bu yerləri götürdü Bircə kəlmə hohay hişdə dayandı. Cuma: İsmi əzəndir xalq quranda itirdi O daşdır ki, gecə-gündüz ötürdü Qızıl öküz bu yerləri götürdü Bircə kəlmə hohay hişdə dayandı. Könlü: O kimdir ki, bəzəmişdi qəməri O kimdir ki , min eylədi dəmiri O kimdir ki, uzun sürdü ömürü Bildir görüm neçə yaşda dayandı. Cuma: Yusif Nəbi bəzəmişdi qəməri Davud Nəbi mum eylədi eylədi dəmiri Nuh Nəbidir uzun sürdü ömürü Düz doqquz yüz əlli yaşda dayandı. Könlü: Aşıq Könlü heç gözləməz abırı O kimdir ki, çəkdi səddi səbiri O kimdir ki, oxur mudam zəburu Avazına ötən quşlar dayandı. Cuma: Molla Cuma çox gözlədi abırı O İsgəndərdir çəkdi səddi şəbiri Davud Nəbi oxuyanda zəburu Avazına ötən quşlar dayandı. Molla Cuma dayı gördü ki, axşam olur. Könlü də bunun yaxasındın əl çəkmir. Təngə gəldi. Qərar verdi ki, bunun başına elə iş açmaq lazımdır ki, rədd olub getsin. Aldı görək nə deyir: Cuma: Yeddisi qurandadır, yeddisi surada Yeddi şamamanı bir tağda gördüm Yeddisi ağdadır, yeddisi qarada Yeddi bülbülü bir bağda gördüm. Bu qıfılbəndin açılmasını Könlüdən tələb elədi. Könlü cavab verə bilmədi. Cuma davam etdi: Yeddisi ayaqdadır yeddisi başda Yeddisi yerdədir yeddisi ərşdə Yeddisi yazdadır yeddisi qışda Yeddi ovcunu da bir dağda gördüm. Könlü bunu da aça bilmədi. Yeddisi altdadır, yeddisi üstdə Yeddisi düşməndir, yeddisi dostda Yeddisi toydadır, yeddisi yasda Yeddi almanı bir budaqda gördüm. Könlü buna da cavab verə bilmədi. Nə qədər təvəqqə elədilərsə, evə getmədi. Axırda “yeddi” deyə-deyə cara çıxıb getdi. * * * Həsən əminin öküzü Ustadnamə Bir diləyim var dərgahımdan istərəm, İsmi olan o minbirə bağışla, Yarəb. Dilim duadadır, üzüm də haqda, Təbibim piri nurə bağışla, Yarəb. Biz ona ümmətik, o bizə ağa, Günahkar bəndəyik, düşdük ayağa. Ol hürü qılmana, səkkiz uçmağa, Şərabən təhurə bağışla, Yarəb. Şərabən təhurə axar cənnətə, Qismət olsun bir günahkar ümmətə. Beş vaxt qılınan fərzi sünnətə, O, Leylətil Qədrə86 bağışla, Yarəb. Leylətil Qədrdir ildə bir gecə, Dostun hüzuruna gələr meyraça Ehsan üçün olan bir ay oruca, Qur`anə, Zəburə bağışla, Yarəb. Qur`anə, Zəburə, İncil, Tövrata, Sureyi Yasinə, başsız barata. Abi zəmzəm ilə abi həyata, Ol ali kösərə bağışla, Yarəb. Ali kösər içən olar şən, Musa gündə min bir kəlmə danışan. Eşqi tutub alovlanan, alışan, Ol Turi-Sinayə bağışla, Yarəb. Turi-Sina məsgən oldu Musaya, Əvvəli Adəmə, sonra Həvvayə. Yüz iyirmi dörd min gələn mövlaya87, Xatəmül Muxtara bağışla, Yarəb. Xatəmül Muxtar da şahdır İslama, Hənifə məzhəbə, o dörd imama Yığışıb gedərlər beytul həramə, Ol beytul məmurə bağışla, Yarəb. Beytul məmurda ziyarətkar məlaikə Yığılıb gedərlər küllü diləyə Yeddi qat yerlərə, yeddi fələyə, Şəms ilə Qəmərə bağışla, Yarəb. Səms ilə Qəmərə, gecə gündüzə, Xeyri-şəri yazarlar, Lohu məhfuzə. Qəriblikdə gəlib kim getsə bizə, O Nəbiyi Xızıra bağışla, Yarəb. Xızır çatsın qəriblərin dadına, Hər kəsi yetirsin öz muradına. Ənbiya məsgəni Məkkə, Mədinə, Şamilə buxara bağışla, Yarəb. Şamilə buxarda olan ərvaha, Yığılıb gedilən o bəngargaha Yunisi dəryada saxlayan mahata, Yeddilər qırxlara bağışla, Yarəb. Çağırram yeddi qırx ənbiyanı, Siz amini deyin, mən də duanı İki dözüm şöləsi ismi punhanı, Molla Cumayı kəmtərə bağışla, Yarəb. Sizə kimdən xəbər verim? Həsən əmidən. Həsən əmi qışlaq gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvanı. Fağır və kasıb bir adammış. Arvadı yumurta satıb pul yığarmış. Fikirləşirlərmiş ki, bu pulu yığıb bir sağın alsınlar. Arvadı on manat yığıb kişisinə verir ki, a kişi, get buna bir inək al, yavan qırılırıq. Kişi pulu alıb tərpənir Göylük ilə Layisqinin arasındakı Tala kəndinə. Həsən əmi gedib çatar bu kəndə. Deyər, qardaş, mən bir inək axtarıram, kimdə tapılar. Bu kəndin camaatının hamısı baməzə, lotu və kinto adamdır. Deyirlər, aha, Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var, verək sənə, apar. Nə qədər pulun var? Həsən əmi deyir ki, on manatım var, buna bir inək istəyirəm. Demə, burada cütdən, kotandan yorulmuş bir öküz varmış. Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir öküz. Lotular pulu alıb, bir ölüvay öküzü Həsən əmiyə verirlər. O da öküzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu üç gündə gedir. Öküzü otara-otara aparır. Arabaçılardan çörək alıb dolanır. Qərəz öküzü gətirib həyətə çıxardır. Öküz yorulduğundan həyətə girən kimi çəpərə söykənir, yıxılmaq istəyir. Həsən əmi böyrünü öküzə söykəyərək onu yıxılmağa qoymayır. Öküzü bir təhər həyətin ortasına gətirir. İstəyir ki, arvadı evdən çıxsın, ona baxıb sevinsin. Görür ki, qabağına çıxan yoxdur. Aldı görək sözlə nə deyiir: (Qafiyə) Çıxın qabağıma, xanım əfəndi; Görün necə buğaca alıb gəlmişəm. Qoca qeyrət, əsl əcəb camaldır, Üç gün bundan ötrü qalıb gəlmişəm. Çağırıram heç kim qabağa çııxmaz, Əsl mal olduğun bir kimsə bilməz. Heç kim bu qiymətə bir heyvan verməz, Düşübdür, müftədir, çalıb gəlmişəm. Həsənəm, qarşıda qalmıışam vallah, Qabağıma çıxıb deyin: Maşallah! Onca manat pula almışam, vallah! Özüm bir tərlanam, çalıb gəlmişəm. Bu səsə arvad eşiyə çıxır, görür ki əri öküzə söykənib söz deyir. Deyir, a kişi, qırağa dursana, öküzə niyə söykənirsən? Həsən qırağa çəkilir. Çəkilən kimi öküz yıxılır. Arvad deyir, başına dəysin aldığın öküz də, özün də yerə girəsən. Aldı arvad görək nə dedi: (Qafiyə) Əvvəlinci bu sözlərə maşallah, Hardan gətirmisən bu alaşı, kişi! Qonu-qonşu bizi görsə gülüşər, Ver itə eyləsin taraşı, kişi! Həsən: Xanım əfəndi, hələ təhri canadır, Çox uzağı gözlər, bir aya, arvad. Bilər, bilməz sözləri sən söyləmə, Birdən gedib çatar Talaya, arvad! Arvad: Qışda bunu qovsan qan-tərə batar,. Beyqafil ürkərsə kim gəlib tutar? Nədən leşin-lüşün sorağı sənə çatar? Neçin oldun sevdanda naşı, kişi? Həsən: Arpa versəm əyər dərisin yağlar, Əlimdən zara gələr meşələr, dağlar. Qoşaram cütə dar daş üstə dağlar, Çulunu basdırram malaya, arvad. Arvad: Xanım əfəndinin acığı nəcün tutubdur? Bilseydim o bura necə çatıbdır? Bəxtəvər adamdı sənə satıbdır, Salıbdır başımı bəlaya, kişi. Həsən: Həsən alıb bu möhtəbər öküzü, Baxıb bəyənibdir, tutubdur gözü. Bərkidib həyəti, ev, mülkümüzü, Döndərrik qırağın qalaya, arvad! Sözünü tamam elədi, bir təhər öküzü itələyib dama saldı. Arvadla çox söyüşdülər, dalaşdılar. Həsən əmi dedi: Ay arvad, bir səbrin olsun, dayan. Bir ayı səbr elə, yaxşı olmasa nə deyirsən de. Arvad dedi ki, eybi yoxdur, görək bu zibildən nə çıxacaqdır. Həsən əminin qardaşı oğlu varıymiş, onunla bir yerdə olurmuş. Əmisinin gəldiyini görüb cəld tövləyə yüyürür. Bir öküzə baxdı, gördü ki, əmisi meyit alıb gətirib. Aldı görək əmisinə nə deyir: (Qafiyə) Başına döndüyüm, atam qardaşı, Bu öküzü aldın haradan, əmi? Sevda eyliyəndə niyə oldun naşı? Başına ağıl qoysun yaradan, əmi. Əmisi: Gedə, Allahı sevərsən, dindirmə məni, Hürmə ağzın ilə it haramzada! Yığma cinimi başıma itirrəm səni, Dur çıx cəhənnəmə get, haramzada! Qardaşı oğlu: Bizə güləcəkdir qohum, qonşu, hamı, Cör nə yaraşığa salıb öküz damı! Buna qatlaşarmı boyunduruq, samı, Əhdacını qırrıq haradan, əmi? Əmisi: Gedə, bir görginən, dilin çeynəmə! Çox dağlar çəkmə sən yazıx sinəmə! Yekə-yekə gələtləri eləmə! Get quru keçəndə yat, haramzada! Qardaşı oğlu: Abdulla qorxudan ağzını tutur, Öküzünə dəysin şirə ilə qotur. Ya bu öküzü dur gözdən itir, Yoxsa gedirəm mən buradan, əmi! Əmisi: Həsən deyər əcəb qurşağın toxdur, Yediyin deyəsən çox böyük poxdur. Öküzü istəyən ölkədə çoxdur, Apar üç tümənə sat, haramzada! Gədə küsür. Arvad danışmır. Həsən əminin əlacı kəsilir, evdə otura bilməyir. Pərt və dilxor halda bir az gəzir, sonra öküzün yanına gəlir. Bir də içəri girəndə görür ki, öküz qılçalarını uzadıb can verir. Aldı görək Həsən əmi nə dedi: (Qafiyə) Bir minnətə gəlib Həsən yanına, Qalx ayağa, atam, a sarı öküz! Oğul-uşaq yanında şərməndəyəm, Sən eylə papağım yuxarı, öküz! Məni qoyma belə tənəli sözdə, Göy otu tökərəm qabağına yazda. Qalxıb böyrə-böyrə gəzginən bozda, Qışda verim sənə suxarı, öküz! Həsən əmi sənin qulağına deyir: Qorxuram dəyməyə səndən bir xeyir! Sənin ucbatından oğul-uşax söyür, On manatım getdi, tar-marı öküz! Sözünü qurtardı, öküzün canı çıxdı. Dərisini cəld soydu. Belə fikir elədi ki, cəhənnəm, aparıb gönü satım, arvadın on manatını verim, zəhləmi tökməsin. Yoxsa başımı keçəl eyləyəcək. Bəli, dərini götürüb Göynükdə həftə bazarına satmağa apardı. Bazara çatdı, gördü Nuxadan bir dəstə dabbax gəldi. Onları dayandırdı. Dedilər: Həsən əmi, nəyin var. Dedi: gönüm. Nuxalılar dedilər aç baxaq. Baxdılar, gördülər ki, gönün üstündə bir tük də yoxdur. Şirə düşmüş, qotur düşmüş bir dəridir. Dedilər biz bunu alası deyilik. Yola düzəldilər. Həsən dedi bir dayanın. Aldı görək Həsən əmi nə deyir: (Qafiyə) Başına döndüyüm ustakar başı, Mənim bu gönümü alasan, dabbax! Gözlərimdən axıdıb qanlı yaşı, Hər gələndə bizdə qalasan, dabbax! Aldı dabbax: Aman qardaş, mənə minnət eyləmə, Belə minnətlərə baxa bilmərəm! Gəl sən bizi tutub yoldan eyləmə, Xeyirsiz sevdaya girə bilmərəm! Həsən: Sevərsən Allahı, sındırma məni, Sözüm yerə salma, alginən gönü, Uzunu uzundur, eni də enli, Sanbayıb baxginən bir mala, dabbax. Aldı dabbax: Gönünün yoxdur heç bir nərəsi, Tamam cəmdəkdir qollarının arası. Bundan çətin olar nəhrə sərəsi, Bunu alıb evimi yıxa bilmərəm. Həsən: Həsənəm, qarşında qalmışam məlul, İmdadına yetsin Həzrəti Rəsul. Heç tapmıram bu sözlərə bir dəlil, Nə ola halımı biləsən, dabbax Aldı dabbax: Ustakar başıyam, adımdır Nəzər, Öküzünə dəyib mundar bir azar! Yoldan etmə məni keçir həftə bazar, Ötər bazar sonra çata bilmərəm! Söz qurtardı, dabbaxlar yenə yola düzəldilər. Amma gördülər ki, Həsən əmi çox yalvarır. Dedilər a kişi, neçəyə deyirsən? Dedi, ona. Dedilər on nədir. Dedi on pula da. Dabbaxlar bir-birilə pıçıldaşdılar. Biri yoldaşına göz eyləyib dedi, a kişi, çıxart pulunu ver də. Dabbax başı əlini cibinə saldı, dedi, Həsən əmi aç əlini. Həsən əmi əlini açdı. Dabbax kök qara şahılardan çıxardıb bir beş on mis şahı saydı. Həsən əmi dedi Allah bərəkət versin. Pulu götürüb kəndə qayıtdı. Arvad dedi haraya getmişdin. Dedi öküzün gönünü satmağa. Arvad soruşdu ki, satdınmı? Həsən əmi dedi ki, hə. Neçəyə? Ona. Arvad dedi gətir görək. Dedi aç əlini. Arvad əlini açdı. Həsən əmi pulları saydı. Bir, iki, doqquz, on. Arvad dedi bu nədir. Dedi ondur də. Dedi, a başı batmış gic kişi, bu ki on şahıdır. Dedi on şahı, mahı bilmirəm. On pul almışdım, on pula da satdım, məndən nə istəyirsən. * * * == Aşıq rəvayətlər == Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi Rəvayətə görə bir dəfə Molla Cuma gəlib çıxır Aşıq Ələsgərin və şəyirdlərinin yaşadığı bir ocağa. Şəyirdləri görürlər ki, qəribin sazı var. Qonağı dişlərinə vurmaq istəyir, ona atmacalar atırlar. Cuma onların cavablarını yerli-yerində verib pərt eləyir. Hadisəni müşahidə edən Aşıq Ələsgərin xoşuna gəlir Molla Cumanın hazırcavablığı. Aşıq Ələsgər soruşur: “Aşıq, hardan gəlib, hara gedirsən?” Alıb Molla Cuma görək nə deyər: Ağalar, xəbər alsanız, Bilin mən hardan gəlirəm. Cəsədim od tutub yanır, Çıxıban nardan gəlirəm. Mənsur təki müsəxxərdim, Qurtarıb dardan gəlirəm. Aparıb əqlim, kəmalım Satıb bazardan gəlirəm. Billah təmiz uzaq olub, Namusdan, ardan gəlirəm. Bir şəhərə yolum düşdü, Sultanı çıxmış başa da Qabağında əl bağlayıb, Qalmış yüz on dörd paşa da Altı min iki yüz otuz doqquz Bayraq var yanaşada, yetmiş yeddi min doqquz yüz otuz dörd qoşun Nizam oynar tamaşada. Otuz qapıdan keçibən Mən o şəhərdən gəlirəm. Bir qarıynan bir qoca, Əyləşmişlər xanasında. İyirmi dörd gəlin vardır, Həm onların binasında. Hər gəlinin altmış uşaq, Düzülübdür sinəsinə. On beş-on beş süd əmərlər, Dörd məmə var anasında. Mocuzata heyran olub Çərxi-qəvvardan gəlirəm. Bir əjdaha kəsdi yolum, Gördüm on iki başı var. Hər başında birdir ağzı, Ağzında otuz dişi var Hər kəllədə dörddür gözü, Tamam yüz əlli qaşı var Qabağında yazılıbdır Üç yüz altmış yaşı var Qorxma deyib mərd yerişli Cəlil Cabbardan gəlirəm. Bir bezircan seyrə çıxmış Doxsan doqquz qul dalınca Gündə beş vaxt iş işlərlər Ta İsrafil sur çalınca. Bir şah qırar öz qoşunun Təki özü tək qalınca Arif olan bu suala Cavab verər kamalınca. Mən Cümədə xəvər çoxdur, Gəzib diyardan gəlirəm. Aşıq Ələsgərin şəyirdləri qıfılbəndi aça bilmir, sazlarını verirlər Molla Cumaya, Molla Cuma götürmür, deyir ki, mən bura saz yığmağa gəlməmişəm, söz öyrənməyə gəlmişəm. Rəvayətə görə Aşıq Ələsgərlə Molla Cuma üç gün, üç gecə deyişirlər. Axır bu qərara gəlirlər ki, onlar bir-birini bağlaya bilmirlər, əl verirlər, bir-birinin sazın öpüb doğma qardaş kimi deyə-gülə ayrılırlar... * * * Molla Cümənin Molla Surxaydan gileyi Molla Cuma nədənsə Molla Surxayın ondan inciməsini hiss edir və məsələni aydınlaşdırmaq məqsədilə dostunun evinə yollanır. Qapının dalından “ay Molla Surxay, ay Molla Surxay” deyə çağırsa da balta ilə odun doğrayan Molla Surxay aşığı səsindən tanısa da buna əhəmiyyət vermir. Molla Cumanı səsindən tanıyan Molla Surxayın arvadı ərinə deyir ki, bu gələn Molla Cumadır, çıx qabağına, yoxsa o sazını çıxarıb sənə həcv qoşar, yaxşı olmaz, Molla məktəbində bir yerdə oxumusunuz, ərəb-farsı öyrənmisiniz, neçə illərin dostusunuz, gör nə deyir. Sən demə, Molla Surxayın hüzürü düşüb və o elə bilib ki, Molla Cuma bunu bildiyi halda başsağlığına gəlməyib. Bu səbəbdən də aşıqdan inciyib. Əslində isə Molla Cumanın bu hüzrdən xəbəri olmamışdır. Molla Surxayın onu soyuq qarşıladığını görən aşıq sazını çıxararaq bu müşairəni deyir: Dünyadı Salam olsun sənə, ey molla Surxay, Bel bağlama, ha bu, yalan dünyadı. Qulpun tutub çox eyləmə haqqı-say, Qabağı gül, dalı solan dünyadı. Əbdürrəhmandan hanı edən xoş səfa, Şamxal bəyi tək eylədi bivəfa, Hanı Rüstəm, hanı molla Mustafa, Kim qalıbdır, kimə qalan dünyadı. Çox yoxsulu qalxızıban bay eylər, Çoxlarını dağıdıban zay eylər, Çoxlarının göz yaşını çay eylər, Çoxlarına talan salan dünyadı. Çoxlarına gül-bənövşə iynədir, Çoxlarını gecə-gündüz göynədir, Çoxlarını dırnaq üstə oynadır, Çoxlarına təmbur çalan dünyadı. Mən Cumanın hal-əhvalın bilmədim, Dostluğuna yoxsa layiq görmədin, Hər an sorram, bir haysa da vermədin, Belə olmaz, ölüm olan dünyadı. Molla Surxay baltanı yerə qoyaraq gəlib Molla Cuma ilə səmimi görüşüb onu evinə aparır, başına gəlmiş qəzəvü-qədərdən söz açır, aşıq isə bu hadisələrdən xəbərsiz olduğunu bildirir, üzrxahlıq edir. * * * Molla Cümənin Qıpçaq səfəri Molla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddə tanımırlar. Qışın oğlan çağı idi, hər yerə qar yağmış, buz bağlamışdı. Bunun da bir arıx atı olur. Molla Cuma babanı çəkirlər isti evə, atı isə soyuqda həyətdəki tut ağacına bağlı halda, baxımsız qalır. Aşıq görür ki, əgər at bu vəziyyətdə səhərədək çöldə, ayazda qalsa, aclıq və soyuqdan öləcək, özü isə atsız, piyada qalacaq. Molla Cuma baba evdəkilərdən soruşdu ki, sizə saz çalım, yoxsa Qur”andan, şəriətdən oxuyum. Cavabında ev yiyəsi qayıtdı ki, qurban olum Qurana, insana öləndə lazımdı yasin oxumaq, bizə saz çalın, ürəyimiz darıxır. Bu arada ev sahibəsi elə hey deyinir və Molla Cumaya deyirdi ki, atı tövləyə bağlamayın, qoyun-quzunu, dana-buzovu vurar. Arvad atı tövləyə qoymaq istəmirdi. Molla Cuma baba da fikirləşdi ki, əgər sazı əlimə alsam bu arvada elə həcv qoşacağam ki, atı öz əli ilə aparıb qoyacaq tövlədə arpanın üstünə. Görək aşıq sazı əlinə alaraq nə deyir. Müxəmməs Bir müsafir sənə qonaq gələndə, Əvvəl əldən onun atına baxın. Tutun noxtasından çəkin tövləyə, Arpadan, samandan, otuna baxın. Müsafiri xanasına yetirin, Əldən-ələ, dildən-dilə götürün. Ya üzbəüz, ya düzbədüz oturun, Aşından, ətindən, çayına baxın. Molla Cümə sizə qonaq gələndə, At üstündə buz deyiban qalanda, Ürək sevib bir arvadı alanda, Axtarıban onun zatına baxın. Arvad başa düşür ki, Molla Cuma bu sözləri ona deyir. Cəld çölə çıxaraq atı tövləyə salıb, arpanın, otun üstünə qoyur. * * * Molla Cümənin qərib aşıqla görüşü Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən öz mahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı bir qazanda qaynamaz. Gərək biz ayırd eliyək, ya o məni bağlasın, ya mən onu. Belə olanda qərib aşığa deyirlər ki, sən o kişi ilə bacarmazsan, o kişi dörd dili bilir, sən isə az savadlı adamsan. Deyir yox, mən də çox söz bilirəm. Qərib aşıq iki şagirdini də götürüb sorağa-sorağ, sorağa-soroğ gəlib çıxır Baş Layisqiyə. Molla Cuma babanın öyünə çatanda görür həmin qapıdı. Buna yaxşı qulluq eliyir, xidmətində dururlar. Lakin o, qarşısında dayanmış Molla Cumanı tanımır. Qərib aşıq qayıdır ki, bəs biz Molla Cumanı görmədik. Bunu eşidən Molla Cuma sazı sinəsinə sıxaraq deyir: Tanı, mənəm, Bil, mənəm, Gör, mənəm, Eşit, mənəm, Dil, mənəm. Qərib aşıq deyir ki, nə dediyini anlamadım. Molla Cuma qayıdır ki, bunu başa düşməyə nə var ki, tanı, mənəm, gör, mənəm, bil, mənəm, eşit, mənəm, dil, mənəm - Molla Cuma mənəm. Deyir onda çöp tutaq, görax kimə uzunu düşür, kimə qısası. Gödək çöp kimə düşsə deyişməni o başlayacaq. Uzun çöp düşür qərib aşığa, gödək çöp Molla Cuma babaya. Molla Cuma baba sazı sinəsinə alaraq bir zəncirləmə söyləyir: Aşıqlıq Adəmdən icad olubdu Ol Adəm atanın nəvəsiyəm mən Nəçi bu dünyaya aşıq gəlibsə, Külli aşıqların anasıyam mən. Aşıqlar anasıyam, şairlər kökü, Gəzirəm dünyanı divanə təki Mahalım Göynükdür, şəhərim Şəki, Layisqi kəndinin binasıyam mən. Binəm Layisqiyə düşübdür mehman, Pədərim Salehdir, madərim Reyhan, Vələdim Həsəndir, əxim Süleyman, Familim Molla Oruc, əbnasıyam mən. Təbibsiz dərdlərin dəvasıyam mən Əbnayam, kəntərəm, hər dərdə dərman Nəbim Mühəmmətdi, əhdi Quranam Mömün qardaşların aşnasıyam mən. Mollada mollayam, Molla Cumayam İsmi Pünhan ilə sülh pərvanıyam, Gəlmişəm dünyaya bir gün fənayam Axır Kərəm kimi yanasıyam mən. Aşnayam, gedərəm doğru yolunan, Bülbüləm söhbətim olar gülünəm, Danışsalar yetmiş iki dilinəm, Ol qədər arifəm, qanasıyam mən. Oxuram, ustaddan almışam dərsi, Oxumuşam ərəb, türkinən farsı, Fikrim seyr eliyir əkirən kürsü, Dərin kitabların mənasıyam mən. Qərib aşıq deyişməyə girişmir. Deyir, ustad, mən səni görməyə gəlmişdim, izin ver, qayıdım öz yurduma. Halallaşıb ayrılıllar. * * * Haram ət Dağıstandan Molla Cumanın bir aşıq dostu varmış. Molla Cuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq qoçu göndərir və xahiş edir ki, ətin halalını yeyib, haramını ona qaytarsınlar. Molla Cuma qoyunu kəsdirir, ətini kabab edərək yeyirlər. Dişlərinin dibində qalan əti yığaraq Dağıstanlı aşıqa göndərib deyir ki, al, bu da saa ətin haramı. * * * Molla Cümə və Bilal İsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toya gedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan evlərinə qayıdırdı. Bilal varlı olsa da çıx xəsis idi. Yoldaşları Molla Cumadan xahiş edirlər ki, ürəyimiz yanır. Bilal kişidən bir yemiş al, yeyək sərinləyək. Biz istəsək verməz, ancaq hər halda sənin kimi adlı-sanlı, hörmətli adamın sözünü yerə salmaz. Bilal kişi bunların yanına çatanda Molla Cuma deyir: Bilal dayı, uşaqların ürəyi yanır, bir yemiş ver, yeyib sərinləsinlər. Bilal kişi “yox” deyir və başlayır arabanı sürməyə. Pərt olan Molla Cuma cürə sazını çıxarır və deyir: Bilal kişi, bir dayan iki kəlmə sözüm var, deyim get. Sazı görən Bilal kişi işi başa düşür. Əl atır arabaya, böyük bir yemiş götürür və uzadır Molla Cumaya. Molla Cuma cürə sazı sinəsinə basır və görək nə deyir: Bir qulaq as tərifinə, eşşəklik etdin Bilal. İstədik biz bir kal yemiş, verməyib ötdün Bilal. Sallayıb qaş-qabağın, qəm küpünə batdın Bilal. Yekəbaş, uzunqulaq olmaz işi tutdun Bilal. Könlümün şüşəsinə yamanca daş atdın Bilal. Versəydin bir kal yemiş, biz yeyərdik bal yerinə, Yox imiş qanacağın, bağlasınlar mal yerinə. Yunusun ... qoy altına fal yerinə. Küngütlü Həmid batırsın, saqqalının çal yerinə. Onların cərgəsinə necə özün qatdın Bilal. Üç yoldaş biz idik: Molla Abakər, bir də Saat. Yoldaşın Həşim sənin, işlərinə olsun şahat. Batırsın Allah səni, çörəyini etsin qəhət. Sən tutan dəyyusluğu, tutmaz idi bəni Əhət. Aləmə etdiyin məkri, bizə də etdin Bilal. Molla Cuma, dayı, dedi, utanmadın yox deməyə. İndi mən də utanmaram, saqqalına ... deməyə. Verdiyin kal yemişi, al gözünə sox deməyə, Ciyərinə, bağrına həm ürəyinə ox deməyə, İstəyirdin bu tərifi, muradına çatdın Bilal. * * * Molla Cümə ilə Aşıq Donunun deyişməsi Günlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu Şəkinin Daşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən yeyib-içəndən sonra aşıq Donu getməyə hazırlaşır və deyir: Cuma, sən hələ cavansan, mənsə qocalmışam, uzağım yaxınlaşıb. Şeirlərindən bir neçəsini ver, aparım, dəftərimdə yadigar qalsın. Molla Cuma onun xahişini yerinə yetirir və deyir: Aşıq Donu, sən qocalmısan, elə bir söz yadigar qoyub get ki, bizdən əvvəlki aşıqlar o üsulda söz deməmiş olsunlar və bizdən sonrakılara bir şey vermiş olaq. Aşıq Donu fikirləşir ki, aşıq ədəbiyyatında indiyə kimi ustadnamə var, divani var, təcnis var, cığalı təcnis var, müxəmməs var, cığalı müxəmməs var, qəzəl var, gözəlləmə var və s. hamısı var, əvvəl-axır var və il. Başlayır ki: Cuma, gəl indiyə kimi heç kim deməyib, biz cığalı gəraylı deyək. Cuma qayıdır ki: Ay ustad, o qonşudan gəlməyib, evdə bişməyib. Nə bilim necə şeydi? Sən başla yeri, mən arxanca gəlim. Alır Aşıq Donu, belə deyir: Yeri-yeri çeşmi laçın, Özgələrə vermə maçın. Dal kərdanda siyah saçın Hörüb, sökər, Yana tökər, Şana çəkər, tel vay eylər. Aldı Molla Cuma Aşıq məşuqdan ayrılsa, Canı yanar, göz vay eylər. Yarı yadnan gəzən görsə Bir ah çəkər, Qəddin bükər, Yaşı tökər göz vay eylər. Aldı Aşıq Donu Yeri-yeri ləbi qönçə, Boyu uzun, beli incə. Məlul, məlul sən gəlincə Gözüm baxar, Eşqin yaxar Kəmər sıxar, bel vay eylər. Aldı Molla Cuma Qiyməti yoxdur maçının, Müşkül-ənbərli saçının. Bəxti dönsə bir ovçunun, Dağdan köçər Murğu uçar Ceyran qaçar, düz vay eylər. Aldı Aşıq Donu Kərəm sevdi Əsli xanı, Uçurdu tülək-tərlanı. Bir yar üçün aşıq Donu Qaynar, coşar, Həddən aşar, Ayrı düşər, el vay eylər. Aldı Molla Cuma Fələk qoymur yetəm kama, Kim dözər böylə sitəmə, Dost boynuna Molla Cuma Qolun dolar, Qurban olar Busə alar, üz vay eylər. * * * Kitabxana.az · https://kitabxana.az/authors/molla-cume İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.