Mikayıl Müşfiq. Əsərləri Mikayıl Müşfiq (1908–1938) Ana Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Başqa aləm yaşamadım böylə gözəl biçimdə, Onu kimsə gözəlliyin cilvəsində yaratmış; Ana, ana... çiçəkli bir fidandır ki, içimdə Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. O fidanı bəzi vaqıt istiyorum çəkərək, Qoparayım ürəyimdən, fəqət onda varlığım Sızıldarkən, sanki bir səs qopub incə və titrək Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım! Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, Söylədiyin sözlər ki var beşiyinin üstündə Oxuduğum türkülərin kölgəsidir, övladım! Mənə məxsus vərəqlər var hər kitabda, hər dində. Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən, Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı Baban kimi soyuq əllər qucağına çəkərkən, Yalnız acı fəğanların titrədirdi hər yanı. İndi mənə hər kəs: - Anan, baban varmı? - söyləsə, Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə- Olan olmuş, keçən keçmiş, indi məni yaşadan Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım. İnandığım bir qiblə var, o da hər gün, hər zaman Yorulmayan qollarımla, düşünərək yapdığım Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl, Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl! * * * And olsun Şairləri qanadında bəsləyən İnsanların həyatını süsləyən İncə ruhlu mələklərə and olsun! Boynundakı dalğa-dalğa tellərə, Qaşlarının altındakı sellərə, Qəlbindəki istəklərə and olsun! Gül üzündə yeni-yeni açılmış, Xoş iyisi ürəyimə saçılmış Qoxladığım çiçəklərə and olsun! Qumruların yatağını oxşayan, Pişik kimi ayağını oxşayan Salxım-salxım küləklərə and olsun! Buludlardan ildırımlar çaxdıran, Göy üzündə çırağbanlar yaxdıran Ala gözlü şimşəklərə and olsun! Həp səninlə görüşməkdir diləyim, Uğurunda gecə-gündüz çəkdiyim Zəhmətlərə, əməklərə and olsun! Gəncliyimə qanad verən, ruh verən, Hər dəqiqə ayrı cilvə göstərən Əlirişməz diləklərə and olsun! Bu həyatın fərqi yoxdur dənizdən, İştə onun üzərində rəqs edən, Qanadlanan ürəklərə and olsun! Sənsən mənim həyatımın məhvəri, Sənsən mənim gənc ömrümün rəhbəri, Tapındığım fələklərə and olsun! * * * Axşamüstü Günəş solğun. Üfüq də tutulmuş kimi dərdə, Orda sarı buludlar sallanır pərdə-pərdə Və gül rəngli kölgələr çörəmizdə sıxlaşır. Aman! Şu qan gölündə günəşi kimdir boğan?! Sevda yollarımızda nə işıq, nə işılğan, Əzablı ruhlar kimi hava qaranlıqlaşır. Mənim təmiz eşqimin zülmətdə nə dərdi var? Həramilərə qalsın qara, qorxulu yollar, Mənə günəş batınca ulduz verin, ay verin! Sevdamızı işıqlı bir yola çıxarmağa, Yeri-göyü qaplayan zülmətləri yarmağa İliç günəşlərindən mənə bir alay verin. * * * At Sən mənim köhlənim, oynaq atımsan, Mənim yaman gündə ehtiyatımsan. Qoymaram başına açsınlar kələk, Duruşun buluddur, yerişin külək. Bu uzun yollarda çıxsan cövlana, Şairlər bənzədər səni ceyrana. Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalım qaçaqlar. Yalnız ümidimi bağladım sana, Dedim: – Ey köhlənim, qanadlansana! Tüfəngim əlimdə açıldı mənim, Qurşunum ətrafa saçıldı mənim. Bir qaya dalında yastıq belində, Bir bel ki, olamaz qızda, gəlində, Ayna tüfəngimi mən daraqladım, Yalnız ümidimi sənə bağladım. Köməkçimsən pambıq toplanışında, İlin baharında, ilin qışında, Kolxoz faydalanır sənin işindən, Buludlar çəkinir kişnəyişindən. Yarınkı tufanlı cəbhələrdə sən Başqa bir məharət göstərəcəksən. Çapdırıb qovğada qızıl əsgəri, Sivri bir ox kimi süzüb iləri, Havanın bağrını yardığın zaman, Yağarkən yollara güllə, toz duman, Onda məharətlə, gözəlim, gərək Qəhrəman atlıya verəsən ürək, Gərək qurtarasan onu ölümdən Yarınkı tufanlı cəbhələrdə sən! * * * Ay qız Sən də alıb ələ bir qızıl rübab, İncə tellərini dinləndir, ay qız. Döşündən ellərə bağla bir kitab, Susqun dodaqları dilləndir, ay qız! Qalmasın sözlərin qəlbində gizli, Mən görmək istəməm çöhrəni sisli. Ol arslan ürəkli, şəfəq bənizli, Gülərək yurdunu şənləndir, ay qız! O qara günlərin getsin gəlməsin, Bir daha keçmişin üzü gülməsin. Ümidi səndədir məncə hər kəsin, İndidən ruhunu telləndir, ay qız! * * * Avral Mədəndə bu gün fırtınalar var, Çalxanmada ətrafa axınlar. Avralçıların coşqunudur bu, Div səsli maşınlar kimi gurlar. Bir xeyli zamandır hərəkət yox, Məhsullu buruqlarda kəsir çox. Bir işçi gəlib vəcdə deyir ki, – Tez verməliyik işlərə talçok! Min at gücü varkən canımızda, Can yox nə üçün fantanımızda? Minlərcə nöyüt haləsi parlar Hər damla qızılgöz qanımızda. Bir dəm yapışın güclü qolumdan Feyz almaq üçün böylə hücumdan. Mən zərbəçi bir işçiyəm, əsla, Ölsəm belə dönməm ki, yolumdan! Avral nə deməkdir? Geri getmək. Lazım bunu bilmərrə yox etmək! Avral bizim əskikliyimizdir; Yüksəkliyimizdir – çatıb ötmək! Mədəndə bu gün fırtınalar var, Çalxanmada ətrafa axınlar. Avralçıların coşqunudur bu, Div səsli maşınlar kimi gurlar. * * * Ağ dənizdə fırtına Ağ dənizdə fırtına var, fırtına! Ağ dənizi bir tufanlı böhran almış sırtına. Coş dəniz, coşqun dəniz! Daş dəniz, daşqın dəniz! Aşqın dəniz! Şaşqın dəniz! İki cəbhəyə ayrılmış dalğaları dənizin, Sürünməkdə dizin-dizin Burjuazi – bu cəbhənin birisi… Digər cəbhə bizim cəbhə – mavi kömləklilərin. Bu cəbhə sonsuz, dərin Bir qüvvətə sarılmış. Dağları dənizin iki qola ayrılmış. Dəniz əlan Sinif duyğusilə çarpınan Bir kommunist qəlbi – kibi... Dəniz sudan qamçılarla Göstərib hünərini – Döyəcləyir qıvrıla-qıvrıla İtalyanın faşist sahillərini. Dənizdə həyəcan var, Xələcan var, xələcan... Hər fırtına mavi kömləkli bir can… Səndən dərindir bu fırtınanın mənası, Ey Eyvazovskinin "Dənizdə fırtına"sı. Bu fırtına hələlik çalxanmayan Fransanın Sallanır ətəklərindən. Bu fırtına coşunca öylə sanın Ki, doğacaq qasırğa Rur küləklərindən. Almaniya, Tarix bir pula dəyərmi ya, Sinif duyğusilə qəlblər vurmasa, Fırtına durarmı, külək durmasa?! Deyil bir Ağ dənizdə, Bilirsiniz bunu siz də, Atlas dənizində, Baltik dənizində, Bu dənizlərin ən qaranlıq dəhlizində Fırtınalar vermiş baş-başa. Ey Polşa Yarın hərb olsa əgər Fırtınamız coşacaq. Olacaq hər dalğası bir xəncər – bir bıçaq! Ağ dənizdə fırtına var, fırtına! Ağ dənizi bir tufanlı böhran almış sırtına. Coş dəniz, coşqun dəniz! Daş dəniz, daşqın dəniz! Aşqın dəniz! Şaşqın dəniz!.. * * * Bayram axşamı Yadımdadır çocuqluqda Əziz bayram gecələri… Anam, atam, üç qardaşım, Qoca nənəm, bir də əri. Toplaşırdıq bir süfrənin Gülə-gülə dövrəsinə. Nənəm derdi: – Qurban olum Yaradanın süfrəsinə. Bir sininin kənarında Yaxılırdı iki-üç şam, Qarşımızda şəkərbura, Noğul-nabat, püstə-badam. Hələ üskü axşamları, Qiyamətdən nişanədir. Oynamaqçın çocuqlara Böylə günlər bəhanədir. Ocaq yaxıb, od qalayıb Üzərində atlanırdıq. Oynayırdıq yorulduqca, Yorğunluğa qatlanırdıq. "Gün çıx" deyə, "Gün çıx" deyə Çalxanırdı sevincimiz. "Kəhər atı min çıx" deyə Qışqırırdı ən dincimiz. Əynimizdə təzə paltar, Başımızda təzə papaq. Odlu məşəl əlimizdə Dolaşırdıq soqaq-soqaq. Qışqırırdıq, bağırırdıq Ölçə-ölçə küçələri. Söz qısası, xoş keçirdi Bizə bayram gecələri. Sabah Novruz bayramıdır Deyə-deyə yatıyorduq. Çəkdiyimiz acıları Sevinclərə qatıyorduq. Bu axşamsa mən yalnızam, Ətrafımda yox bir kimsə. Qapdırmıyor bu yalnızlıq Fəqət məni qeyri hissə. Mən bu gecə sabahı bəkliyorum səbirsiz, Sabah məndən xəbərsiz Anlamıyor həycanımı, duyğumu; Zəncirləyib gözlərimdə uyqumu. İçində bir yatağan qıvrılıb gərinmədə, Xəyalən xəyalıma al şəfəqlər sinmədə. Yox bu gecə mən özümdən fərqliyim. Qarşımda bir kalendar… Baxmaqdayım, baxınmaqda haqlıyam. Istiyorum bir ruzgar Pəncərəmdən əsə-əsə Bir nəfəsə, Bu gecəyi unudulmuş gecələrə çevirsin. Bir ruzgar ki, şəffaf barmaqlarilə Bir vuruşda devirsin Son dəmini yaşayan bu yaprağı, Bir ruzgar ki, büllur dırnaqlarilə Tırmalasın otuz deyə mana baxan varağı. Bu varağın arxasında Çünki şanlı bir mayis var, Bir mayisin yaxasında Qıpqırmızı bir köküs var. Bir köküs ki, yeni həyat Sevdasilə dalğalanır. Yfüqlərdə çalıb qanat Şəfəqlərdə yırğalanır. Odur ki mən sabahı bəkliyorum səbirsiz, Sabah məndən xəbərsiz Anlamıyor həycanımı, duyğumu; Zəncirləyib gözlərimdə uyqumu Içində bir yatağan qıvrılıb gərinmədə, Xəyalən xəyalıma al şəfəqlər sinmədə. * * * Baba yurdu -I** “Cana gəldim toz-torpağın əlindən, Ev deyil ki, xarabadır, xaraba”. Bu sözlərlə aynaları silərkən, Öz-özünə deyinirdi Rübaba. Nə çəkmişsə aylar, illər uzunu Birər-birər eyləyirdi hekayət. Ala-ala bağdadının tozunu, Yağdırırdı “kor baxtından” şikayət. Ürəyində gərdiş yapan kədərin Təsirindən qızı ilə dalaşır. Qızı Telli önündəki dəftərin Sətirləri kölgəsində dolaşır. – A qız, Telli!.. – Bəli, nə var? – Zəhirmar. Dur ayağa, buraya ver kətili! Dolduraraq qarğış ilə ağzını, Çıxdı haman üzərinə kətilin. Kəlmə başı azarlayıb qızını Acığından bilməyirdi neyləsin. Telli isə ona fikir vermədən Pək maraqlı bir hekayə oxuyur. Özü üçün anlamadan, görmədən Xəyalında bir aşiyan toxuyur. Birdən dikib anasına üzünü: – Ana, bəsdir, bizi qatma ərinə. – Deyə kəsdi bir cümləylə sözünü, Qorxusundan çox getmədi dərinə. Yavrusunun bu şeytanca sözündən Simasının tutqun rəngi açıldı. Bir nur uçdu iri, qara gözündən, Dodağından bir təbəssüm saçıldı. Ara-sıra öskürüncə dərindən Çatılırdı bir-birinə qaşları. Dayanmayıb sarılırdı yerindən, Qaralırdı gözlərinin kənarı. – Bu zəhirmar öskürək də, neyləyim, Bu deyilmi hər gün məni saraldan? Yaman yerdə gücdən düşdü biləyim, Yaman yerdə günüm keçdi qaraldan. Həmxanası qarşı evdən baxaraq, Rübabəyə zilləmişdi gözünü. Ürəyində çiçəkləndi iştiyaq, Artıq burda saxlamadı özünü. – A qız, nə var, nəyə həşir salmısan? Söylə, yenə kimdən barıt almısan? – Deyə Sona daxil oldu icəri, Rübabəni dilləndirdi sözləri. – A qız, neylim, sən allah, bir toza bax! Dağılmışda nə yazım var, nə qışı Hər gün bir az ürəyimi yeməkdə Bulud kimi kölgələnən baxışım. Məgər sizə ev verməyib hökumət? – A qız, verib, köç deyirəm, köçürmü? Varlığını basmış kimi kəsalət, Yaxşısını yamanından seçirmi? Köç deyəndə, azar alır canını, Yer süpürür sanki qaşı-qabağı. Ev söhbəti aralığa gələndə Heç eşitmək istəməyir qulağı. “Buraxmaram mən atamın yurdunu” Deyə burda hər qayğıya qatlanır. Dizin-dizin sürünərkən bu evdə, Bilməm, hansı xoş gününə şadlanır! Ay başında hər aldığı maaşı Bu komanın üzərinə qoymada. Bilməm, niyə hər yetənin fikrinə, Hər çatanın dediyinə uymada. İki qadın vermiş kimi baş-başa, Arzuları çiçək-çiçək açılır. Rübabənin qəlbi düşmüş təlaşa, Sözlərindən ildırımlar saçılır. -II** Saat üçdü... Kazım işdən qayıtmış, Vücudunu qaplamışdı yorğunluq. Yemək gəldi, toplandılar süfrəyə, Aralıqda gəzirdi bir məhzunluq. Yalnız, darğın bir ehtiram, bir ülfət... Köçürükmü? – . . . . . . . . . . . . . . – Səninləyəm, dinsənə! – Qoymazsan bir yeməyimi qurtarım? – Mən bilmirəm, son sözümdür bax, sənə. Sən köçməsən, köçəcəyəm mən özüm, Tellini də alacağam yanıma. Yoxsa bu toz, bu amansız rütubət Bir qurd kimi daraşacaq canıma. – Köç də ... – Yaxşı, gör köçürəm, yoxsa yox. Mən daşınsam nə gələcək əlindən ... Bəs deyilmi baxdım sənin sözünə, Bəs deyilmi burda gəldim cana mən? -III** Kazımgilin qapısının önündə Üç gün sonra durmuşdu bir “qurzevik” Bir daxmanın “şənliyinə” son verən Rübabədə görünürdü zirəklik. Bir külfətə həyat verən bu maşın Binəqədi zavkomundan gəlmişdi. Gedəcəkdi pasyolkaya birbaşa, Bu gediş çox əhmiyyətli bir işdi. Qaydasilə bütün şeylər qalandı, Ana-bala “qurzevik”ə tullandı. Kazım fəqət xəbərsizdi bu işdən, Xəbərsizdi bu oğurlu gedişdən. Gəldi, gördü, heyrətləndi bir qədər, “Kazım dayı, Telligili köçdülər” – Deyə bir səs onu haman ayıltdı, Fikirləşə-fikirləşə qayıtdı. O zamandan pasyolkada bu külfət Yeni həyat nəğməsini dinləyir. Baba yurdu iztirablar içində Dar dönmələr palçığında inləyir. * * * Bəxtiyar Sıyrılıb keçmişin buludlarından, Müjdələr gətirir böyük yarından, Yarıb günəş kimi qaranlıqları, Söküb şəfəq kimi dumanlıqlar, Özündən alışan, özündən yanan, Hər sabah hamıdan erkən oyanan, İş başına qoşan nə bəxtiyardır! Yoldaşı sıradan qalarkən geri, Tutub ətəyindən çəkib iləri, Ona qüvvət verən, ona ruh verən, Ona ən uğurlu bir yol göstərən, Həm sevgi bəsləyən, həm can yandıraan, Sönük duyğuları işıqlandıran, Günəşlə yarışan nə bəxtiyardır! Budur həyatdakı gözəllik ancaq: Qüvvətli yaşamaq, canlı yaşamaq! Məqsədim, məsləkim, şüarım budur, Həmən əqidədir, həmən duyğudur. Gələcək günlərə məni səsləyən, Bir böyük yarına əməl bəsləyən, Çarpışan, vuruşan nə bəxtiyardır! Günlərim keçməyir ancaq əməklə, Xəyalım göyləri seyr eləməklə, Buludlar ömrümün karvanı olur; Fikrim o karvanın sarvanı olur. Sanıram ulduzlar həmvətənimdir, Demək, yer də mənim, göy də mənimdir, Hüzurumla cahan nə bəxtiyardır! Mənə ilham verir o yaşıl çəmən, Üstümə quşbaşı yağan yasəmən. Demək, sevimlidir bahar da, qış da, Bir yenilik duyub mən hər baxışda Sevirəm dəyişən, dönən varlığı. Bu günün yarının bəxtiyarlığı Sevdasilə coşan nə bəxtiyardır! Ömrümün min dürlü cilvəsi vardır, Könlümün göyləri damar-damardır, O bəzən ağlasa, bəlkə də haqdır, Həyat həm gülməkdir, həm ağlamaqdır, Lakin daha xoşdur döyüş çağları, Həyat dedikləri uca dağları Duman kimi aşan nə bəxtiyardır! Həyatdan doymayan, işdən doymayan, Əfsanə sözlərə məhəl qoymayan, Könlünü, gözünü verib işinə, Baxıb həyatının yüksəlişinə, Xalqilə titrəyən, xalqilə gülən, Vətənçin yaşayan, vətənçin ölən Səmimi bir insan nə bəxtiyardır! * * * Bəxtiyar oda Ey altun şəfəqli bəxtiyar oda De nurlu qoynunda sənin kim yaşar? Ellər dolaşarkən açıq havada, Səni Dilbərinmi nəfəsi oxşar?! Nə olaydı bu dəm bir quş olaydım, Sənin pəncərənə qonmuş olaydım. Gözümü hüsnündən çəkə bilmirəm De, niyə salmısan məni bu hala?! Sənsiz sevinmirəm, sənsiz gülmürəm Qəlbim elə coşur, derəm nə ola: Dönüb divarında bir daş olaydım. Əbədi səninlə sirdaş olaydım. * * * Bəyaz çöllər '1931 -BƏYAZ ÇÖLLƏR*** -Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən -Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.** -Füzuli***** -Xayır, məndən sular dönməz, təbiət pəncəm altında, -Baxıb ayinəyi-qəlbimdə əksi-aşina gördüm.** -M.Müşfiq** Çoxdandır bir şeir yazmamışam mən, Çoxdandır bir nəğmə tutdurmamışam, Çoxdandır ayrılıb şeir aləmindən, Xəyal dənizinə baş vurmamışam. Fikrim qasırğalı dəryalar kimi İstənilən qədər dalğalanmamış, Könlüm uzaq gedən xülyalar kimi İncə buludlarla çulğalanmamış. Ürəyim ilk bahar selləri kimi Atlana-atlana qaynamamışdır. Ruhum Mil düzünün çölləri kimi Bəyaz çiçəklərlə oynamamışdır. Bir kəlmə bulmaqçın xeyli darılıb, Əzaba, zəhmətə qatlandığım yox. Aldığım mövzuya candan sarılıb, Misradan-misraya atlandığım yox. Nə kiçik bir dərə, nə bir mənzərə, Keçməmiş zehnimin lövhələrindən, Şeirsiz, nəğməsiz gəzib bir ara, Heyhat, oynamamış könlüm yerindən. * * * Bir də baxsan mənə Baxışın qəlbimi incitmişdir; Bu baxışdan, bu duruşdan əl çək. Bir də baxsan mənə, iş bitmişdir; Bir də baxsan mənə, fikrim dönəcək. Yenidən uyğusu qaçmış gecələr, Sevgilər, fırtınalar başlanacaq. Ayrılıqlar, qarışıq bilməcələr... Yanacaq sıtmalı ruhum, yanacaq! Bu baxışdan, bu duruşdan əl çək! Yoxsa könlümdəki qızğın şimşək Üstünə od sovurar hər yerdən. Orda dur, burda dayan, hey bəklə, Səni tale günəşim güdməklə Keçməsin qorxulu vadilərdən. -1936* * * * Bir lövhə İştə səksən yaşında beli bükük bir qadın Aylar, illər bilmədən qırmış qolun, qanadın. Zaman çəkmiş canına gözlərinin nurunu, Ömrü almış əlindən qəlbinin sürurunu. Vücudunun son bahar yaprağından fərqi yox, Dodağında bir gülüş, bir qaynayan şərqi yox. Çöhrəsində pərişan buludların var əksi, Əllərində sərinlik- bir məzar hədiyyəsi. Əmmiş uzun illərin baharını, qışını, Məclislərin bulunmuş nəşəsində, qəmində, Bürümüş ən nəhayət kölgələr baxışını, İndi gəzər xəyalı məzarlıq aləmində. O yenə yaşamaqdan bıqmamış, usanmamış, O yorğun, o ziyasız, o qüvvətsiz, o qamış Vücudilə yenə də ömr sürmək istiyor, “Ah, nə olur bir az da gözlərim görsə!...” diyor, Ey hənuz gəncliyimin dəmlərini yaşıyan, Qəlbində gur dalğalı çağlayanlar daşıyan, O səksən yaşlı qadın yaşamaq istiyorkən Bilməm neçin həyatdan uzaqlaşmadasın sən? * * * Bir günəş, bir baxış Hər tərəfdə sovuq, hər tərəfdə qar, Yığılmış çillənin can boğazına. Axşamkı fırtına, axşamkı ruzgar Düşmüş nağıl kimi xalqın ağzına. Hər şey susqun kimi, hər şey lal kimi, Budur, sevdiyimiz yaz yaxındadır, Yaşıl mənzərələr bir xəyal kimi İndidən gözümün qabağındadır. Toxunub qarlara günəşin əli, Çağlarkən bir sabah sular nəşəli, Qopdu hər tərəfdən yaza alqışlar. Sən də atsan mənə isti bir baxış, Əriyib qəlbimdə bu hicran, bu qış Sənə dəmət-dəmət güllər bağışlar. * * * Bizim otaqda Otaq heyrət içindədir Ətrafında gurultu. Nəzərlərdə bir arayış, Ürəklərdə döyüntü. Qarışmışdır bir-birinə Neçə nəfər yataqdaş. Həpsi fikir yürütmədə, Hər dimağda bir təlaş. Biri deyir: – Məni yazma! Biri deyir: – Məni yaz. Bu lazımlı bir işdir ki, Ondan qaçmaq yaramaz! Biri deyir: – Elə isə Mən burada qalmaram. Mən öz geniş həyatımı Çərçivəyə salmaram. – Sən danışma, yoxdur sənin Heç siyasi savadın, Köhnə həyat qəfəsində Çırpınarkən qanadın Bizim yeni üfüqlərdə Uçamazsın təbii, Ya sən bizdən artıqmısın. – Buraxsana, ay Səbi, O, girməyir, qoy girməsin. – Bu olacaq şey deyil, Girməyənlər aramızdan Çıxmalıdır, bunu bil. Bax, yoldaşlar, kommunaya Keçmiş bütün otaqlar. Bu əməldən bir bizimki Geri qalmış bir qədər. Gəlirindən hər tələbə Bir payını verməli, Tezlik ilə qurduğumuz Kommunaya girməli. Girməyənlər yerli-dibli Köçməlidir buradan. – Necə yəni köçməlidir, Bu da sözmü? – Aradan Rüstəm haman bir davamsız Çocuq kimi bağırdı, – – Mən girmirəm sözün nədir? Deyə bərkdən çığırdı. – Sən deməli kommunanın Ziddinəsən, eləmi? Biz bu yeni yaşayışa Çağırırkən aləmi, Sən meşşanlıq girdabında Çalmadasın əl-ayaq. Bir başqası uzandığı Yatağından qalxaraq: – Doğrusu mən kommunaya Danışıqsız girərdim. Bəlkə onun mənə düşən işini də görərdim, Lakin onun bişmişini Yeyə bilməm doğrusu. Özü bilər. – Səndən gəlir Mədaraçı qorxusu. – Necə yəni özu bilər? Biz güzəştə getmərik. Aramızda olmamalı Bizim ayrı-seçkilik. Bu gün bizim qarşımızda Sarsılmayan bir yol var. Gah oyana, gah bu yana Əyilmədən nə çıxar?! Bir tələbə uzaqdan bu Həngaməyi süzmədə, Nəzərləri dalğın-dalğın Bağdadı da gəzmədə. O böylədir, kəndisini Heç bir işə vuramaz. Guşənişin bir adamdır, Xeyrə, şərə yaramaz. Onu görən sanar yazıq Düşmüş dildən, ayaqdan, iki kəlmə söz sorsanız Durub qaçar yataqdan. – Yaxşı, Cəbi, yavaş danış, Kifirləşir Ələsgər. Toxununca kulaqlara Bu ad, haman güldülər. – Ey Ələsgər, bitərəflik Vaxtı deyil. – Nə var ki? Teymur qaqqıldayıb güldü, – Ah, bu Teymur qoyar ki... – Bəli, bir padşah bir gün darılmış, Qəlbinə amansız qəmlər sarılmış, Əl çalmış, vəziri gəlmiş hüzurə, Üzünü tutaraq demiş vəzirə: – Bir dastançı gətir. Əməl olunmuş, Ansızın bir nəfər hazır bulunmuş. Zal oğlu Rüstəmin hekayətindən, Onun mərdliyindən, fərasətindən, Vurub yıxmasını, şücaətini, Basıb kəsməsini, məharətini Bir-bir tərif edib bitirən zaman Padşah başını qaldırıb haman Sormuş ki: – Heyvandı o yoxsa insan. Vay sənin halına müəllim olsan. Biz burda məsələ həll etməkdəyiz Kənardan nə var ki?.. Sorursunuz siz, Siz yarın müəllim olsanız əgər Məndən akademik olar. – Ələsgər Dinləyib Cəbini, boynunu bükdü, Üzünə bir sarı qızıllıq çökdü. – Nə var ki, yaz məni. – Iş onda deyil, Sən özün iştirak etməlisən, bil, Bizim quruluşda, bizim gedişdə. – Yenə fəlsəfəyə başladın iştə, Boş yerə sıxılıb özünü yorma. – Yaz məni. – Məni də. – Yaz məni durma... Deyə bütünlüklə yazıldı həpsi. Bunların içində fəqət birisi Baxıb durmadaydı səssiz kənardan, Ayrılmaq istərdi bu dalğalardan. Almışdı gözləri bir dərin baxış, Içində yatağan, dilində qarğış. Üzünü turşutdu, qaşını çatdı, “Eh!..” deyib yerində yıxıldı, yatdı. * * * Bulud qarşısında Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?! Nədir ildırımında bu gurultu, bu çaxınc?! Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc. Yetər, çaxma, ey bulut! Mənə bir qədər sükut! Həyəcan az deyildir onsuz da içərimdə, Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə, Səndən umacağım yox, dolaşıb üzərimdə Yetər, çaxma, ey bulut! Mənə bir qədər sükut! Düşün, uzun qissədir bu gəncliyin qissəsi, İstəməm gurultunu, mənim səsim mis səsi, Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi. Yetər, çaxma, ey bulut! Mənə bir qədər sükut! Dolaşma başucumda bir qara qüvvət kimi, Aydın yoluma çıxma bir dərin zülmət kimi, Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi. Yetər, çaxma, ey bulut! Mənə bir qədər sükut! * * * Buludlar O zaman ki, üfüqlərə bəziniz dalar Qəlbən sizi pək sevərim, yolçu buludlar. Bu gün yenə Əllərimi sizə doğru qaldırdım, Bu əməldən nə saldırdım? Əvət, heç nə! Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız? Bu hərcayı gəzişdən nədir ya qazancınız? Buludlar, buludlar, Pərişan buludlar, Başımın üstündə kişnəyib Yarışan buludlar! Bəziniz çox kəsif, Bəziniz pək xəfif Buludlar, ey dolğun qədəhlər, Göylərin ovcunda bir yel əsincə titrər, Əsərsiniz Nədən siz? Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz? Onunçunmu dəyişdiniz, darmadağın oldunuz? Qaçdınız ağlaya-ağlaya, Döndünüz bir şəffaf parçaya. Bəziniz çox yüngül efir qanadlı, Bəziniz paslanmış dəmir qanadlı, Nə bu qadar göy üzündə gəzərsiniz? Özünüzdən çıxan zaman, İzinizdən çıxan zaman Həqiqətən sevgilimə bənzərsiniz! Ey coşqun gəncliyim, ey havalı quş, Oxuduğum şərqi dinlənməz olmuş. Ey şeir yazmaqla keçən günlərim, Siz ki ən vəfalı günlərimsiniz. Baxıb buludlara gülümsəməkçin, Sevgi nəğmələri bəstələməkçin Mənə müsaidə verərmisiniz? Çünki keyfim kökdür, damağım çağdır, Şimşək çaxdırmaya mən də hazıram, Buludlar başında partlayacaqdır, Könlümdə qıvrılan böyük ildırım. * * * Buzlu yollar Hər tərəf buz içində, buzdur hər tərəf, Qorxur günəş də orda olmasın tələf, Yan verib keçir, Üzünü qorxa-qorxa göstərib keçir. Dağ buzlar, qaya buzlar, sıldırım buzlar... Görməmiş bir alovlu ildırım buzlar. Əsrlər yatağında səssiz yatalı: Buzlar xatalı... Keçdi Amundsenin də axır çağları Orda, nə dəhşət! Qəbrinin barmaqlığı buz saçaqları Oldu nəhayət. Çox zaman bu iqlimə, araq daşıyan Amerkanın taciri oldu müştəri. İstərdi ki, bu yerdə qursun aşiyan, Dondu əlləri. Gözəl xəz var, kömür var uzaq şimalda, Aparsınmı yad ellər bu sərvətləri? Qoy “Krasin” gəmisi əlində balta, Qoşsun iləri! Qırsın, kəssin, doğrasın, ta ki, bu yollar Yolçuları salmasın qorxuya bir də. Düşmən şad olar, Qatarımız ləngisə uzaq Sibirdə... Bu yol, bu uğurlu yol, ayaq dəyməyən Soyuq, gizli çölləri çəkəcək işə, Yen, ey insan arzusu, təbiəti yen, Düşmə təşvişə! Ey vaxtilə gülməli əfsanələrdən Zövq alaraq divlərə heyrət edənlər! Ya kimdir şimaldakı taqi-zəfərdən Keçib gedənlər?! Alqış bu insanlığa yeni yol açan, Yeni əməl uğrunda çarpışanlara! Salam buzlu çöllərə işıqlar saçan Kəhkəşanlara!.. Alqış bu təbiəti gözəlləndirən İnsanlığın əbədi iqtidarına, Onun, yeni cahana yeni ruh verən İstismarına!.. Mən nə deyim, Çelyuskin nəfərlərinin Həyəcana sığarmı qəhrəmanlığı? Nə böyükdür o səma əsgərlərinin Canfəşanlığı!.. Gördüm qızıl xətlərlə iş kitabında Ey Şmidt, yazdırdığın böyük şanları. Gəlsin, çalsın bir Homer öz rübabında Bu dastanları! * * * Coğrafiya Əhməd, Güllü, Sara, Bəbir Dərslərini yaxşı bilir. Bunlar üçün coğrafiya Dərsləri bir böyük bəla... Axır sülüs imtahanı Gəlmiş... hazırlaşan hanı? Girmiş müəllim sinifə Hamsı qalmış baxa-baxa... Müəllim söyləyir: – Sara, Kür nəhri tökülür hara? – Kür nəhrimi? Ağ dənizə, Tökülmədə gəzə-gəzə. Müəllim söyləyir: – Güllü, Haradadır Göycə gölü? Güllü barmaq qaldıraraq, Xəritəyə baxmayaraq, – Moskvanın yanındadır. Əhməd deyir: – Xayır-xayır, Göycə gölü Italiyada... Içində vardır bir ada. Demək bu da bilməyirdi, Bəbir dəxi əsnəyirdi. Müəllim də səslənərək, Dedi: – Bəbir, söylə görək Kazbek dağı harda olur? Bəbir haman məğrur-məğrur: – Kazbek dağı Himalay Dağlarının arasında Olan böyük bir təpədir. Hey səyyahlar gəlir-gedir. Yoxdur çıxan zirvəsinə, Onun qarlı təpəsinə. – Əhməd! Sən də Naxçıvanı Haydı bizə göstər hanı? Baxdı Əhməd xəritəyə, Getdi çıxdı Fransaya. Qış qocaldı, gəldi bahar, Çiçəkləndi, çəmən gülzar, Güllər açdı, çiçəkləndi Kələbəklər bənəkləndi. Aydınlaşdı göyün üzü, Yaşıllandı dağın düzü. Göy üzündə uçan quşlar Başqa yerə köçən quşlar; Dəstə-dəstə gəlib bizə, Səs saldılar dağa, düzə. Tətil vaxtı gəldi demək, Tələbələr dincələcək. Yayılmışdı böylə xəbər. Amma bu il tələbələr Çıxacaqdır səyahətə. Uşaqlar oldu dörd dəstə. Kür qırağın gəzdi Sara; Bildi Kür axır Xəzərə. Güllü dəxi Iravana Getmiş idi qana-qana. Bilirdi ki, Göycə gölü Nə yerdədir, bizim Güllü. Bəbir dəxi gəzə-gəzə Gedib çıxmışdı Tiflisə; Gəzib gürcü torpağını Bilmişdi Kazbek dağını. Əhməd dəxi bir dəstəylə Getmiş idi Naxçıvana. Bahar gedib, gəlmişdi qış. Hamı məktəbə toplanmış. Əhməd, Güllü, Sara, Bəbir Dərslərini yaxşı bilir. Xüsusilə çoğrafiya Dərsindən aldılar əla! * * * Çatmaq, ötmək İndi biz cahanla çıxmışıq yarışa, Qoy etsin el-aləm bizləri tamaşa. Deyirlər Amerka göylərə ucalmış, Üfüqlər onların önündə alçalmış. Deyirlər insanla, həyatla bərabər Nyu-York şəhrində yürüyür səkilər. Deyirlər göy yerə, yer göyə qatılmış, Yaşayış fordların qoynuna atılmış Qoy sürsün atını həvəslə Amerka; Biz qızıl bir ata minərək bambaşqa Bir hızla sıçradıq enişdən, yoxuşdan, Fərqimiz olmadan qanadlı bir quşdan. O çapdı, biz çapdıq, o getdi, biz getdik, Az getdik, üz getdik, nəhayət düz getdik! Dağlardan yel kimi- Bir daşqın sel kimi Kamandan sıçrayan bir sivri ox kimi, Heç nədən, heç şeydən qorxumuz yox kimi Yüyürdük, yüyürdük, yüyürdük sürətlə. Qanında günəşlər qaynayan bir kütlə, Ayrılmaz, çözülməz yoldaşca əməklə, Bir sinif yolilə, birliklə, köməklə, Düşməni qoymaqçın büsbütün geridə Səsimiz gurladı, ötədə, bəridə! * * * Çarxlarım Nə qollar yada salsın ənginlərin quşunu, Nə əllər, nə ayaqlar həyatın yoxuşunu Çıxamazdı bu çapqın Çarxlar bulunmasaydı, Makinaya əskidən Rəğbət olunmasaydı. Bunlarsız aşmaq olmaz qısıq dar gədikləri, Nalqıran yoxuşları, sıldırımlı dikləri. Fırlandıqca tel kimi Görünən çarxım, dolan! Qıvrılıb bir sel kimi Gərinən çarxım, dolan! Biz sizin sayənizdə şahiqələr atladıq, Cahanın qafasında bomba kimi partladıq, Bəklənən saatları Doladıq əlimizə, Hakim olduq nəhayət Yerə, göyə, dənizə. İşçilər dəzgahının dururkən baş ucunda, Dəzgahının nəbzini yoxlarkən ovucunda. Səbirsizliklə belə Qıvrılan sizmisiniz?! Şəffaf küləklər kimi Burulan sizmisiniz?! Daş kömür, nöyüt-flan, təmamən bitmiş buraq, Burax, əsirgəsin də bizdən bunları topraq. Mən səni canlatmağa Yeni yollar bulurum, Yeni oynaq qanadlar, Yeni qollar bulurum. Güc, qüvvət toplayırkən ləpələr ləpələrdən, Doğrulub dərələrdən, atlayıb təpələrdən Halınıza yanaraq, Sizi cansız buraxmam. Bir an, bir qırpım belə Həyəcansız buraxmam. Bax, sizin sayənizdə ucalmaqda məmləkət, Zavoddakı traktor, torpaqdakı bərəkət. Siz yerləri, göyləri Dolaşan çarxmısınız?! Düşmənlə hər addımda Dalaşan çarxmısınız?! * * * Çağlayan Sən uca bir dağın göy gözlərindən Sevincdən tökülən gur yaşlar kimi – Axdıqca, ürəyim qopur yerindən, Uçunur bədənim bir ruzgar kimi. Ey böyük çağlayan, ey təmiz ürək, Yoxmu aramızda bir könül bağı? Səsinə səs verən bəstəkar gərək, Ey qüvvət qaynağı, işıq qaynağı! Sən də şəlaləsən, təbim yerində, Ürəklər, beyinlər, ruhlar çağıldar Sənin də ölməyən nəğmələrində. Fikirlər torpağı, hisslər torpağı Sənin seylabınla çiçəklər açar, Ey həvəs qaynağı, nəğmə qaynağı! * * * Çadralı qızlarımıza Sizə indi diyorlar: – Çıxınız bu örtüdən, Qovunuz üzünüzdən bu məlun buludları. Bunların fərqi yoxdur acı bir üzüntüdən, Parçalayıb yırtınız bu köhnə yadigarı. Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz, Qəlbinizdə titrədi şəfəqlənən arzular, Bəziniz də çarşafı yandırıb sevindiniz, Fəqət bunu başında daşıyan daha çox var. Bir çoxu anasından, bir çoxu babasından Qorxaraq bu çizgini sürüklüyor peşincə. Bəzi əskidən əski olan əqrabasından İstəmiyor eşitsin hər ağız sözü, məncə. Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən Vida etmiyorsun o zülmətin övladına? Qorxmadasın bir xətər toxunar qanadına Fəqət bu deyil bizə yaşayışı öyrədən. Qaya uçdumu, əlbət, toz qopacaq yerindən, Buludlar sıxılınca ildırımlar guruldar. Qoy onlar nə der desin, sənin əməllərində Möhtəşəm dənizlərin çiçəkləri parıldar. Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra Şərqin qaranlıq, siyah mühitindən toxunmuş. Aləm dəyişmiş indi, o Şərq hara, sən hara? Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş. Təbiidir ki, ay qız, yaz ayları gəlincə Yarpaqlanıb pərdədə qalmaz örtülü qöncə. Rəvamıdır yurdunun açıq bir səhərində Dalğalansın bir bahar buludu gözlərində?! Həyatın səslərindən kəsb edərək iqtidar, Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır! Onsuz da həyat adlı, çəlik barmaqlı ruzgar Başınızdan çarşafı götürüb qaçacaqdır. * * * Çoban (Əfsanə) Ey öz tarixinin memarı insan! Çox zaman göylərə baxdın hərasan. Həyatı şənlədən işini qoydun, Bir əsilsiz, çürük taleyə uydun. Şirin xəyalınla çoban xan oldu; Xan qızı çobana nigəhban oldu. Bu şirin xəyallar güldürdü səni, Lakin həqiqətdə öldürdü səni. Mənim eşitdiyim bu nağıl fəqət, Anladır: duyduğun deyil həqiqət. Həqiqət olsaydı, Çobanla Mərcan Verməzdi dalğalar arasında can. -1** Çox əski bir zamanda, Bizim Azərbaycanda, Abşeron civarında, Quzğunun kənarında Varmış qədim bir şəhər, Görünüşü birtəhər… Çevrəsi dərə-təpə, Evləri bir mərtəbə. Küçələri dolambac, Əhalisi yoxsul, ac. Görünüşü birtəhər… Səbayeldi bu şəhər… Söylənilən şəhərdə, Ən səfalı bir yerdə Zümrüd qalaçalar var, Ətirli bağçalar var. Ağaclar sıra-sıra Baş endirir sulara. Yaxında bir geniş xır, Sular şırhaşır axır. Cırıldayır bağara, Qurbağalar nağara Çalır kimi səslənir. Buna xan bağı denir. Qırx otaqlı bir bina, Hər əmələ aşina. Fəvvarələr, hovuzlar, Xoş yerişli tovuslar. Eyvanlar sarmaşıqlı, Divarlar yaraşıqlı. Mərmərdir novalçası, Saray "Çiçi" xalçası Kimi işləmiş zərif. Könül açan bu lətif, Bu sevimli mənzərə Səssiz baxır Xəzərə. -2** Baxın, burda kim yaşar: Quş xan adlı hökmüdar. Deyirlər ki, bu Quş xan, Bu dili qurumuş xan, Bir gün həmən sarayı Tikən böyük ustayı Qarşısında oturtmuş, Üzünü ona tutmuş: – Söylə, ey qoca memar, Sənəti uca memar! Sən bu saraydan gözəl, Daha zəngin, mükəmməl Bir iş də işlərmisən, Yarada bilərmisən, Bundan da gözəlini, Daha mükəmməlini? Tarixin baş memarı Üz tutub xana sarı, Başını qaldıraraq, Ürəyi dolu maraq, Gülə-gülə çöhrəsi, Birdən gurlamış səsi: – Mən bu sənət yolunda Ömrümü fəda etdim. İnsaniyyət yolunda İşimi əda etdim. Məsləkimi, dinimi Sənətimi yeritdim. Ürəyimi, beynimi Bu uğurda əritdim. Çalışdım için-için, Gəncliyimi qocaltdım. Xəyalımdan səninçin Bir kaşanə ucaltdım. Bax, bu lövhə nə zəngin! Mənəm memari-əzəl. Tanrının, irənlərin Cənnət bağından gözəl. Özümü oda vurdum, Fikrim, hissim təlaşda. Canlı ruhlar uçurdum, Suda, torpaqda, daşda, Mən ölüb getsəm belə, Yaşayacaq sənətim; Düşəcək dildən-dilə Adım, sanım, şöhrətim. Bundan da gözəlini, Daha mükəmməlini Yarada bilərəm, xan. Nə yapsa yapar insan! Paxıl, dar ürəkli xan Darılmış bu cavabdan: "Cəllad!.. vurun boynunu!" Bir an içində onu, O böyük sənətkarı Qılınc bölmüş tən yarı. – Öldü… günah özündə!.. Qırışıq üz-gözündə Xanın qara dalğalar, Ruhunda qasırğalar: "Demək, bundan da gözəl, Daha zəngin, mükəmməl Bir saray tikəcəkdi, Öz cəzasını çəkdi. Memara bax, memara!.. Yarın ətraf xanlara Saray tikərkən, demək, Mənimkindən də yüksək Görünəcəkmiş. Hay, hay… Sana öylə bir saray Tikdirəcəm mən də ki, Bundan belə səndəki Başarıq, hünər daha Mana oturmaz baha. Bir saray yer altında, Yerin ən alt qatında Yapılacaq bu saray. Sana çox xoşdur, hay!.. hay!" -3** Quş xanın bir qızı var. Bir könül xırsızı var. Bu qızın adı Mərcan, Hər baxışına bir can Doğan gündən qurbandır. Ölkə ona heyrandır. Adı dillərdə əzbər, Görülməmiş bu dilbər Abşeron civarında, Quzğunun kənarında. Yaxın, uzaq ellərdən, Hər tərəfdən, hər yerdən Elçi gəlir bu qıza, Bu mehriban ulduza. Adlı-sanlı igidlər, Dəliqanlı igidlər, Tacir, bəy oğulları Keçib uzun yolları, Həpsi yorğun, dərbədər Səbayelə gəlirlər. Qoy kim gəlirsə gəlsin, Qapılıb hissə, gəlsin. Bu gəlişdən nə çıxar, Ümidsiz qayıdarlar. Xan dermiş elçilərə: "Qızım yosma dilbərə Eş olmaq istəyənlər, Bircə sorğuma əgər Düzgün cavab taparsa, Sahib olacaq qıza: Siz, ey gələn yolçular! Qızın neçə xalı var?" Kim bilsin bu mələyin, Bu açmamış çiçəyin Canında neçə xal var. Kimsə bilməz, qayıdar. Bir başqa dəstə gəlir, Yorulmuş xəstə gəlir. Verilincə bu sorğu, "Mənim işim deyil bu!" – Deyərək, gələn dönər, Parlaq diləklər sönər. Xan taleyə inanır, Hər şeyi ondan sanır. "İnsanın olsa baxtı, Qızıldan olar taxtı. Mən talesiz olsaydım, Talesiz doğulsaydım, Xan olmaz, qul olardım, Muzdur, yoxsul olardım". Onunçun hər elçiyə, Qız xoşbəxt olsun deyə, Verərdi bu sorğuyu. -4** Daşıb çayların suyu. Hər sənə yaz olunca, Quşlar dəmsaz olunca Saray köçürmüş dağa, Bir səfalı yaylağa. Yaylaq, Yarımca yaylaq, Hər tərəf çəmən, bulaq; Xızıdan az o tayda, Əriməz qarı yayda. Quş xanın qızı Mərcan, Sevda ulduzu Mərcan Toplayıb tay-tuşunu, Bir nizamsız qoşunu Andıran dəstəsilə Hər gün çıxarmış çölə. Onun gəzdiyi yerdə, Dağlarda, dərələrdə Dəmirdaş adlı igid, Bir çoban varmış, eşit! Çobanın torpağı yox, Tarlası yox, bağı yox; Bir kiçik qülbəsi var, Bir yırtıq gəbəsi var, Bir də beş-on quzusu. Çox yünüldü arzusu Bu qərib çobanımın, Müztərib çobanımın. -5** Bir gün çoban Dəmirdaş Qonşuda bir iğtişaş, Bir vay, haray eşitdi; Dəyədən çıxdı getdi, Nə gördü: yel qanadlı, Dərədə bir qaç atlı Qovurlar; bir qadın da Əlləri saçlarında Üzünü cırmaqlayır, Hönkür-hönkür ağlayır: – Tutun, qaçdı həramı, Söndürdülər çıramı, Qollarını sardılar, Qızımı apardılar! – Deyə yıxıldı qadın. Dəyələr axın-axın Qoşdular bu səs-küyə; Dikildi gözlər göyə: – Niçin ey ulu tanrı! Yoxsulları, qulları Qorumazsan ya, niçin?.. Kor kimi için-için Yandı qəlblərində yas. Qərinələrcə ağzı Aşağı çevrilən tas Duymadı bu niyazı. O mavi tas nədənsə Səs vermədi bu səsə. -6** Bir bahar günü yenə Dəmirdaşın könlünə Bir qəriblik yayıldı; Yatmış ruhu ayıldı. Yıxıldı böyrü üstə, Bir yanıqlı şikəstə Qavalında inlədi; Urəyi sərinlədi. Çaldı, düşündü, çaldı, Başını duman aldı. Bu duman nəzərində Göylərin üzərində Buludlar kimi çaxdı, Al bir işıq buraxdı. Canlandı təsəvvürü; Əsirlər sürü-sürü Axışdı xəyalından. Dinlədi qavalından Zəncir, qamçı səsləri, Ömrün acı səsləri Bəstəsində ağladı, Bir lövhə xatırladı. – İşlə, yaramaz, işlə! Haydı, boşboğaz, işlə! Dayanma, daşı, daşı! Əsirin, qulun başı Yuxarı qalxmaz, işlə! Haydı, boşboğaz, işlə! – Arqadaşlar, bu qansız, Bu daşürək, amansız Insanlar dinmədikcə, Zülmə təpinmədikcə, Özlərindən çıxırlar. – Söylənmə, hey ixtiyar, Al, bu da sənin payın! Nə arxayın-arxayın Danışır da!.. Qamçılar İxtiyarı acılar. Dəmirdaş anır, anır; Gözlərində canlanır: Əsirlər alay-alay Xana tikirlər saray. Xatırlayır: bir gecə Onu xəlvət, gizlicə, Gözəl bir qız çağırdı, Üz-gözündən yağırdı O qızın bir mərhəmət, Bəlkə də bir məhəbbət. O qızın adı Mərcan, Qolu, qanadı mərcan… Dəmirdaş anır, anır, Xatıratı canlanır: İşlədi xəstə-xəstə; Yerə dəydi iş üstə. Baxaraq bu lövhəyə, "Artıq işləməz", – deyə Bir az da incitdilər, Sonra azad etdilər. Dəmirdaş anır, anır, Xatıratı canlanır. Düşünür o gözləri, Danışdığı sözləri. Anır: bir sabah erkən Çıxaraq Səbayeldən, Dağlar, dərələr aşdı, Bu yaylağa ulaşdı. Hey düşünə-düşünə İnlədi qaval yenə! -(Bu zaman Mərcan öz dəstəsilə uzaqdan çobanın -qavalına dalaraq heyrətlə dinləyir.)'** -M ə r c a n** Bu qavalı çalan kim? Kimdir bu şerə hakim? Tez ondan xəbər verin, Kimsə, tapın gətirin! Çox keçmədi, Dəmirdaş Ürəyində bir təlaş, Qızın önündə durdu, Səssiz boynunu burdu. Görüncə Dəmirdaşı Mərcanın döndü başı. Ildırım vurmuş kimi, Ürəyi durmuş kimi, Tərpənmədi yerindən. Dümqara gözlərindən Siyah bir atəş axdı. Maraqla baxdı, baxdı Çobanın göz-qaşına, Yamaqlı üst-başına. M ə r c a n Kimdən öyrəndin, çoban, Sən bu qaval çalmağı? -Ç o b a n** Mənə öyrətdi dövran Dağlara ün salmağı. -M ə r c a n** Neçin nəğmən qəmlidir, Nəşə yox qavalında? -Ç o b a n** Çünki el matəmlidir Səbayel mahalında! -M ə r c a n** Sürünü buraxsana Bir an özündən uzaq! -Ç o b a n** Ətrafına baxsana, Hər adam bir yalquzaq! -M ə r c a n** Çoban, kimdir yalquzaq? -Ç o b a n** Xan qızı, yaxın uzaq, Olmuş olursa hər kim El üzərində hakim, Sərkərdələr, əyanlar, Dərimizi soyanlar, Işləməyib yaşayan, Başında tac daşıyan Adamlarınsa ancaq Bir adı var: yalquzaq! Mərcan çobana baxdı, Çoban Mərcana baxdı. -M ə r c a n** (yanındakılara) Arqadaşlar, siz gedin, Bir az məni tərk edin. (İkisi qalır) Məni tanıyırmısan? -Ç o b a n** Xayır! -M ə r c a n** Düşün, ey insan, Keçmişini eşələ! -Ç o b a n** Bu bir əmək-nafilə! Buraxaraq işimi, Arasam keçmişimi, O kül altından ancaq Bir göz də çıxmayacaq. -M ə r c a n** Eşələ, çıxar, çoban, Orda bir od var, çoban. Üzümə diqqətlə bax! -Ç o b a n** Mərcan! -M ə r c a n** Sus ancaq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . -7** Bir səhər hava gözəl, Dağ gözəl, ova gözəl, Dumanlı deyil hava, Xan bu gün çıxmış ova. Ətraf dolmuş adamla, Bir yığın izdihamla. Tuşlayırlar, atırlar, Ətrafı çınlatırlar. Qorxmaz adlı çoban da Dağ başında, o yanda Söykənərək ağaca, Sürüsünü yamaca Buraxaraq, dayanmış Üzü mis kimi yanmış. -V ə z i r** Xan, nişan al çobanı! Yerində çıxsın canı! -X a n** Yox, canım. -V ə z i r** Görünür xan, Vuramayacağından Qorxur… -X a n** Vəzir, qorxumu? Bu günədək oxumu Boş çıxan gördünüzmü? -V ə z i r** Ay canım, bu da sözmü? Hünərlisən gözətlə, Öyünməyin nafilə! -X a n** Mən atıram, dayanın, Oxum dəyməz çobanın Əgər olarsa baxtı. Çəlik yayı buraxdı. Uğuldadı dağ, dərə, Yıxıldı Qorxmaz yerə. Görünür baxtı yoqmuş, Tale ona soyuqmuş -8** Xan bir çobanı vurmuş. Xan yenə də qudurmuş Azğın bir köpək kibi. Bilinməyir səbəbi. Neçin çobanı vurmuş? Xan yenə də qudurmuş. Xan qaçırmış bir qızı. Yetim bir günahsızı, – Deyə, gizlicə xalq da Qaynayır aralıqda. -9** Bir gün Dəmirdaş yenə Yayıb dağın döşünə Sürüsünü, dayandı, Günəş üfüqdə yandı, Qızardı yavaş-yavaş. Düşünürdü Dəmirdaş. Köhlən başlı buludlar, Gözü yaşlı buludlar Üfüqdə yol kəsirdi. Onu hankı təsirdi Düşündürən, əcəba? Derdi: – Görən əcəba, Bizdən nə istəyir xan? Yetməzmi tökdüyü qan?! Neçin, neçin bu qansız Qaçırır gündə bir qız?! Xan yenə də qudurmuş, Neçin Qorxmazı vurmuş? Yetməzmi vurduğu baş?.. Düşünürdü Dəmirdaş. Yerlər, göylər açıqdı, Dəmirdaş dağa çıqdı. Çıxardı qavalını, Bəyan etdi halını: O çaldıqca, güllərin Qaçdı qırmızı rəngi, Dəyişdi bülbüllərin Nəğməsinin ahəngi. O çaldıqca, buludlar Göy üzündə dayandı, Şəbnəmli məxmər otlar, Gün çıxmış kimi yandı. O çaldıqca, axan su Şırıltısını kəsdi, Söyüdlərin, doğrusu, Suda qolları əsdi. Nəsir var – duyan anlar – Çobanın havasında. O çaldıqca, ilanlar Uyudu yuvasında. Qavalın bu səsinə, Bu duyğulu səsinə Qoşaraq, gəldi Mərcan, Ürəyində həyəcan. -M ə r c a n** Mana da öyrət, çoban, Sən bu qaval çalmağı. Mana da öyrət, çoban, Dağlara ün salmağı. -D ə m i r d a ş** Xan daha gözəl bilir Incə-incə çalmağı. Xan daha gözəl bilir Dağlara ün salmağı. -M ə r c a n** Dəmirdaş, buraq, buraq! Kinayəni ataraq, Bir az da məni dinlə, Səni sevəni dinlə! -D ə m i r d a ş** Sən xan qızı, mən çoban! Nə çıxar boş xəyaldan? -M ə r c a n** Xəyal deyil, həqiqət!.. Mərcan sənindir fəqət. -D ə m i r d a ş** Yox, Mərcan, ola bilməz, Bu bir dərd ki, çəkilməz! M ə r c a n Onu bil ki, sevməsən, Öləcəksən yəqin sən! -D ə m i r d a ş** Səni xan mana verməz, Yoxsul çobana verməz! Bir də deyirlər ki, xan, Əgər kim xalınızdan Doğru xəbər verərsə, Sahib olacaq sizə. -M ə r c a n** Qoy deyim: xallarım bu! Yetər, sıxma ruhumu. Ürəyini aç mana, Xəstəyəm, əlac mana! - D ə m i r d a ş** Söylə "möhtərəm" atan, Bizim "ədalətli" xan Neçin Qorxmazı vurmuş? Yenə neçin qudurmuş? Qaçırmışdır bir qızı, Yetim bir günahsızı? -M ə r c a n - Mən neyləyim? - D ə m i r d a ş** Sən heç nə! Qulaq as mən deyənə, Ey sarayın laçını! Sevgi ehtiyacını Ruhunda duyan gözəl, Bir qədər özünə gəl! Səni kim istəməz, kim? Hər lətafətə hakim Sevimli bir pərisən, Dillərin əzbərisən. Bu şərtlə sevərəm mən: Çıxmasan dediyimdən. -M ə r c a n** Yox, sözündən çıxmaram, Ürəyini sıxmaram, -D ə m i r d a ş** Desəm atanı öldür! Ağlayan xalqı güldür. Edərsənmi? -M ə r c a n** Edərəm, Ölümə də gedərəm! -D ə m i r d a ş - Yox, hələ öldürmə, yox! Xanın ölməsi ən çox Xalqa gətirər ziyan; Üsyan etməli, üsyan! Lakin dediklərim, bax, Yanında qalsın ancaq! -M ə r c a n** Yazıq ki, bu yaxında, Bu ayın axırında Köçəcəyik şəhərə, Bu mehriban dağ-dərə, Ah, bu səfalı yaylaq Yenə sizə qalacaq! -D ə m i r d a ş** Yalnız bu dağ-dərə yox, Bu gözəl mənzərə yox, Sərin yaylaqlar deyil, Qaynar bulaqlar deyil, O kor, o sağır kəndlər, Vergisi ağır kəndlər, Barlı bağ, gözəl çəmən, Dağ döşündə dəyirmən, Sürü, ilxı, çapar at, Uçan quş, gərgin qanat, Göy zanbaqlı ovalar, Dalğa vuran tarlalar, Sarısünbül zəmilər, O çılğın Xəzərin də, Hər zaman üzərində Ləngər vuran gəmilər, Keçəcək əlimizə, Veriləcəkdir bizə Ayın, günün işığı, Dünyanın yaraşığı! -10** Yenə də uzaq, yaxın Ellərdən axın-axın Gəlirdi baş igidlər, Qəmə yoldaş igidlər. "Ey sevdalı yolçular, Qızın neçə xalı var?" Sorğusunu eşidər, Eşitməz, dönürdülər! Qız on səkkiz yaşında, Sevda yeli başında. Getdikcə canı qızır, Lətif əndamı sızır Günəş vuran qar kimi, Solur son bahar kimi. Çiyninə düşür başı. Çağırdıb Dəmirdaşı Girir ağaclıqlara, Görüşür ara-sıra. Dəmirdaş da bir yerdə Durmayıb gah şəhərdə, Gah kəndlərdə dolaşır, Böyük fikirlər daşır. Ələ almış Mərcanı, Hazırlayır üsyanı! -11** Vəzirin oğlu Gülçin Çırpınır bu gözəlçin. Fəqət bilməyir o da, Bu qızın əndamında Neçə həbəşi xal var. Düşünür, qəlbi sızlar, Gülçinin xəyalından, O çətin xəyalından Bilsən nələr keçirdi, Nə səhnələr keçirdi: "Qız onun olacaqdır. Əlinə alacaqdır Səbayeldə xanlığı, Bütün hökmranlığı. Hakim olub Arana, Daha sonra Irana Ordusunu çəkəcək, Hər yerdə qan tökəcək, Hər yerdə hökm edəcək, Çinə qədər gedəcək, Böyük İskəndər kimi. Xızır peyğəmbər kimi Tapacaqdır zülmatı. İçib abi-həyatı, Ömrü, günü artacaq, Hər yerə qol atacaq, Mərcanı alacaqdır, Qoynuna salacaqdır, Yapacaqdır baş hərəm, Onun olacaq aləm!" -12** Günəş qızıllarını Xəsis kimi toplayır, Səbayel diyarını Bir qaranlıq qaplayır. Bir axşam xan bağında, Bağın bir bucağında Mərcan bir səs eşitdi; Səs gələn səmtə getdi. Bir yüklənmiş araba, Bir qoca kəndli gördü, Ayağı bəndli gördü. – Vurun, vurun alçağı, Keçmiş verginin çağı. Vurun, vurun, qoymayın, Mərhəmətə uymayın! Səslənir acı-acı Darğanın sərt qırbacı. – Zavallını buraxın! İnsafsızlar, bir baxın, Nədir bu qanlı səhnə? Sərxoşmusunuz yenə? – Xan buyurmuş! – Bəlkə xan Qəzəblimiş o zaman, Ya sizin vicdanınız, Məgər yoxmu qanınız? Mana verin qırbacı! "Ulu yaradan, acı, Acı bu yoxsullara, Yetimlərə, dullara!" – Deyə, Mərcan düşünür, Meyli saraydan dönür. -13** Bir gün qafiləsilə Xan çıxmışdı sahilə. Ləpəciklər quş kimi, Qalxıb uçurmuş kimi. O sərin baxışlı ay Dənizə alay-alay Ulduzlarla tökülmüş. Dalğalar qızıl, gümüş… Sinələr lalə-lalə, Dodaqlarda piyalə, Sərxoş baxan hərəmlər, Baxışı qan hərəmlər, Oyun, şərqi, şərab, saz, Dodaq-dodağa dəmsaz. Bir hərəmsə ələmli, Qızına qəmli-qəmli Danışır həyatını, Küskün xatıratını: – Mərcan, həyat bir kitab!.. Hər vərəqi bir əzab… Mən bir kəndli qızıydım, Bir evin ulduzuydum. Keçmişim qar altında, Qasırğalar altında… Yadımdadır, əsirdim… Yarpaq kimi əsirdim, Bir gün caryə bazarda, İradəm qulçularda – Ordan məni aldılar, Bu zindana saldılar! -14** Ruhu sərin bir gecə, Ay gizlicə-gizlicə Bir bulud arxasından, Göylərin yaxasından Göstərərək üzünü, Bəyəndirir özünü. Söylənən xan bağında, Bağın bir bucağında Xışıldayan nədir, nə? Örtülüdür bu səhnə. Yarpaqlarmı öpüşən? Söylə o suya düşən Mərcanın kölgəsimi? Yoxsa ayın əksimi Göstərir hovuzda su, Ah, bu könül oğrusu Qızın yanındakını, Qızın canındakını Həmin bu sirdaş bilir, Yəni Dəmirdaş bilir… Əsir Dəmirdaşın da Sevda yeli başında. O sevimli Mərcanı, O füsunkar ceyranı Almaq üçün düşünür. Yenə fikrindən dönür: "Əvvəl üsyan, sonra qız, Xanlığı yıxmalıyız!.." -D ə m i r d a ş** Səni bir xan istəsə, Xalını tapıb, desə, Ona gedərsənmi sən? -M ə r c a n** Bir dəfə dedim ki, mən Səndən başqa bir kəcə Getməm başım kəsilsə! -D ə m i r d a ş** Səni bütün saraylar, Əyləncələr haraylar. Oralar başqa aləm, Olacaqsan baş hərəm. -M ə r c a n** Anam da bir hərəmdir, Fəqət yediyi qəmdir. O daim deyir mana: Saray bənzər zindana. Qaç, qızım, buradan qaç! O parlaq, günəşli tac Süslənmiş göz yaşından. Yoxsulların başından Yapılmışdır qədəhlər; Nalədir bu fərəhlər. Bu saray yoxsulların, Öksüzlərin, dulların Tikilmiş gəmiyindən! Qaldırılan, içilən Badə ürəklər qanı. Sarayda şənlik hanı? Saray bir qara səhnə, Qorxu, vəsvəsə, fitnə. Gizli dar ağacları, İşgəncə qırbacları. Tənbəl, sərxoş bir xəyal… Falçı, əfsunçu, rəmmal, Hər göz bir kasa şəhvət, Hər baxış bir xəyanət. İnsanlar alçaq, dəni, Tez burdan qaçır məni! -D ə m i r d a ş** Burdan qurtarmaqla sən, Sarayın pəncəsindən Qurtuldunmu sanırsan? Yox, Mərcan, aldanırsan! Xanlığı yıxmalıyız Ağ günə çıxmalıyız. . . . . . . . . . . . . . . .. . . .. . . -M ə r c a n** Dəmirdaş, yarın səhər Elçilər gələcəklər. Sən də yarın gedərsən. -D ə m i r d a ş** Çocuq deyilsən ki, sən. Səni xan mana verməz, Yoxsul çobana verməz. -15** Böyük məclis quruldu. Gələnlərdən soruldu. Bilməyənlər getdilər. Qalmışdı iki nəfər: Dəmirdaş, bir də Gülçin. Sorğu verildi, lakin Gülçin bula bilmədi, Xaqan ola bilmədi. Sıra çatdı çobana, Bir gülmək gəldi xana, Dedi: – Sağ ol, ay çoban! Çoban dedi: – Var ol, xan! – Neçə xalı var qızın? Çoban dedi ansızın: – Qızın yeddi xalı var, Həpsi gözəl, müşgüvar. – Çoban, hardan bilirsən? – Yuxuda saymışam mən. Götürdü xanı heyrət, Dedi: – Tanrıdan qismət Yoxsul çobanmış qıza, Bu canıyanmış qıza. Xan sarayda düşünür; Başında yanır, sönür Dürlü-dürlü xəyallar, Keçirir şaşqın hallar. Xan bir deyildir, iki Dumanlı beynindəki Düşüncələr çataçat. Dərdi artmış ikiqat. Bu iş olsunmu ya yox? Qızımı istəyən çox. Mərcanı xan alsınmı? Yoxsa çoban alsınmı? Hansı daha uğurlu? Deyilmi haqqın qulu Bəy də, xan da, sultan da Mavi göyün altında?! Bir qədər düşündü xan: "Mana taymı bir çoban? Çoban hara, mən hara? Gül hara, tikan hara? Sonamı alsınmı sar! Hardan çıxdı bu yasar? Mən deyirdim sultanlar, Ulu şahlar, xaqanlar Sahib olacaq qıza. Nə çıxdı baxtımıza?!. Ayaqyalın bir çoban. Hay, hay, zavallı Quş xan! Sana bir gəda eşmi? Rəvamı günəşimi Bir zərrənin başına Dolandırım? Yox! Mana Bu iş çox ağır gəlir. Yerdən, göydən yüksəlir Sanıram mana nifrət. Qazandığım bu şöhrət Bir çobana yaraşmaz. Yox, taleylə kar aşmaz". -16** Gecə, sisli bir gecə, Xan bağında gizlicə Mərcan ilə Dəmirdaş Danışır yavaş-yavaş, -D ə m i r d a ş** Dün gecə cəbbəxana Dağıdıldı dörd yana. -M ə r c a n** Bilir bu sirri dərban, Açmayır qorxusundan. Gizlicə onu gördüm, Qolbaqlarımı verdim Qızına, susdu dərban. -D ə m i r d a ş** Sağ ol, sevgili Mərcan! Kəndlər üç günə qədər Hücuma keçəcəklər. Xanın keyfi necədir? -M ə r c a n** Sənin "istəyincədir". Daim eyşü-işrət; Eyləməz bir məşvərət. Xalqın dərdinə qalmaz, Sərxoşluqdan baş almaz. Elçilikdən nə çıxdı? -D ə m i r d a ş** Bütün əfsanə çıxdı. Budur, baxta inanan, Boşboğaz, yalançı xan. Onun bəxtindən ancaq Ucaldıqca ucalmaq, Deyil yalnız xan olmaq, Böyük bir xaqan olmaq Nəticəsi çıqırdı. Bizim ölçümüz qırdı Nədənsə məramını. Biz taleyin şamını Siyasətlə söndürdük, Xanı çox düşündürdük. Söylənərək, dedi xan: "Mənə taymı bir çoban?" Ürəyimdə: "Bu çoban Sənə ən qatı düşman, Çevirəcək baxtını, Devirəcək taxtını" – Deyib, çıxdım saraydan. Düşün, sevgili Mərcan, Sən böyüdün sarayda. Ancaq ordakı qayda, Qanun, adət, ənənə Sənin geniş qəlbinə Sığmadı, atdın onu. Bir çobanın yolunu Kəskin inadla tutdun, Taxtı-tacı unutdun. Şöhrətin bundan belə Düşəcək dildən-dilə. Gecə, səhərə yaxın Axın şəhərə yaxın. Ulduzlar sönür, sönür; Iki ürək döyünür. Toranlaşır batan ay. Uyquda sərxoş saray. -M ə r c a n** Səhər üsyanmı? -D ə m i r d a ş** Üsyan! Ayağa qalxmış hər yan. Hər şey, hər şey öncədən Düşünülmüş incədən. Tez burdan çıxalım gəl, Çıxmamışdan bir əngəl. Qoşularaq üsyana, Bu saraya, bu xana Birlikdə son verəlim, Gözəl günlər sürəlim! . . . . . . . . . . . . . . . .. .. . . . . . . . . . . . . . . . . . . . . . . Vəzir çıxmış özündən. Anlaşılmaz sözündən Xan gəlmiş həyəcana: – Gətirmə məni cana! Çapuq söylə nə var, nə? Nə toxunmuş könlünə? – Xan sağ olsun, qız!.. – Necə? – Qaçırılmış indicə. Hazırlanır atlılar, O külək qanadlılar. Gözlərdən od saçılır, Dərvazalar açılır. Onların arxasınca, Quzğunun yaxasınca Çapır bir dəstə atlı, Atır at üstə atlı. Ox atır, kaman çəkir, Yayını yaman çəkir. Mərcan, Dəmirdaş uçur Sanki iki quş uçur. Çapuq çatdılar Zığa. Bax, o iki yazığa Daha qaçmağa yol yox, Yağış kimi yağır ox. Qarşı su, arxa düşman. Qurtuluşa yox güman. Üç yandan Abşeron su, İki gəncə qarşı su Mavi köksünü açmış, Mərcanın rəngi qaçmış. – Düşmə, Mərcan, qorxuya! Çap atını, gir suya! -17** Qərb tərəfdən bir axın Axışır, baxın, baxın. Axın çılğın, əsəbi, Ox yağır yağış kibi. – Gəlin, qorxmayın, gəlin! Önünü hər əngəlin Alaraq, çapır axın; Axına şəhər yaxın. – Gəlin, qaçaraq, gəlin, Bayraq açaraq gəlin! – Deyə, qoşur bir qoca. Qarşıda qaça-qaça Gah durur, gah yatırlar, Tuşlayırlar, atırlar. – Hücum, hücum, iləri Səbayelin kəndləri, Hücum, saraya hücum! Aldı araya hücum Quş xanın alayını, Dağıtdı sarayını. Quş xanı öldürdülər, Yoxsulu güldürdülər. Dan yeri sökülmüşdü, Dənizə tökülmüşdü Günəşin qızıllığı. El bürümüşdü Zığı. Dəmirdaşla Mərcanı, Bu iki qəhrəmanı Arayırdı yoxsullar, Aclar, yetimlər, dullar. Dənizin boy yerində, Atlas su üzərində Üzürdü bir tutam saç, Artıq məsələdən qaç! Bir gün qabardı Xəzər, Qalxdı tərlan ləpələr. Qanadlarını açdı, Bu tarixə acıdı, Quş xanın ləkəsini, Xaraba kölgəsini Silməkçin yer üzündən, Coşub çıxdı özündən, Səbayelə tüpürdü, Dalğalandı köpürdü; Şəhər boğuldu. Hala, Fəqət bir-iki qala Boylanıb bu səhnədə, Çapalarkən, yenə də Döyür bu qalaları Qızıl neft dalğaları. -Son Bu bir əfsanədir, nağıldır, fəqət, Tarixdə azmıdır böylə həqiqət? Tarixdə dağılan saraylar azmı? Döyüşdə pozulan alaylar azmı? Azmı yoxsulların çəkdiyi səflər, Basılan tərəflər, basan tərəflər? Bağışla, oxucum, sual olarmı? Həqiqət olmasa, xəyal olarmı? Ey əfsanələrin qəhrəman oğlu, Əsrlər tapdadı keçdiyin yolu. O sənin yaxdığın azğın saraylar, Qovub dağıtdığın vəhşi alaylar Yenə baş qaldırıb işini gördü, Yenə də haqsızlıq hökmünü sürdü. Yenə göz yaşları axdı günahsız, Həyat nəfəsini çəkmədi ahsız. Qırıldı insanlar, töküldü qanlar, Titrədi cahanlar, qopdu fəğanlar. Yenə lalə kimi başlar oynadı, Başların üstündə daşlar oynadı. Yağdı yağış kimi zəhərli oxlar. Aclar hesabına yaşadı toxlar. Tarixin bu acı dəhşətlərinə, Əsrlərin qara qüvvətlərinə Qırmızı bir axın verdi nəhayət, Artıq nə bir fəğan, nə bir şikayət. * * * Dəvət Bu gecə nə qədər xoş gecədir, Bir qara qız kimi tellicədir. Yer işıq, göy ilıq, Hər tərəf yaraşıq. Sevgilim, dayanma, sahilə gəl, Seyr elə gəl. Ulduzlar ətrafa nur səpələr, Bir bölük uşaqlır şən ləpələr. Onların əlində top kimi ay, Sevgilim, başında ağ kəlağay Sahilə gəl, Seyr elə gəl. Bu fürsət əlinə düşməz bəlkə də, Hər tərəf kölgədə, Kölgədə işıldar. Yarpaqlar xışıldar. Gəl, ipək saçını oxşayım, Səninlə bir an da yaşayım Zövqünü illərin, Dağınıq tellərin Tökülsün üzümə, Qulaq as sözümə. Bu gecə nə qədər xoş gecədir, Bir qara qız kimi tellicədir. Yer işıq, göy işıq, Hər tərəf yaraşıq. Nəşələr sığmayır aləmə, O yanda bir gülüş, bu yanda bir nəğmə, Hər xəyal bir canlı qanatdır. Bunların cümləsi həyatdır! * * * Daş kömür Fabrik, zavod çoxalır, Ehtiyaclar həm artır, həm yoxalır. Donbas bizə kömür verir, Ocaqlara ömür verir. O taylarda, Altaylarda, Yer altında, Yerin gizli qatında Qalın kömür qatları var. Bu yeni il Bu qatların bayramı... Bu qatları didmək üçün Şuraların ülgüc dırnaq atları var. bu yeni il – bu atların bayramı. * * * Daş qartal İllərcə dayandın arxan divarda, Hər gələn yolçuya dəhşətlə baqdın, Gözündə bir oldu qış da, bahar da, Qəlblərdə bir acı uçuşla sarqdın. Üfüqdən üfüqə çaldığın qanad Hər yerə qaranlıq bir kölgə saldı, Pəncəndə qızırldı bir yığın qanad, Qorxundan, uçanlar sükuta daldı. Nə ruzgar, nə boran, nə qar, nə tipi1 O sərt ürəyinə etmədi təsir. Bir yüksək divarda durdun “dağ” kimi Ömründə iztirab bilmədin nədir. Çulğadı süzdüyün qaldırımları Bir yığın səfalət, bir yığın acı. Çaxarkən hirsinin ildırımları, Dəydi umuzlara ölüm qırbacı. Gözlərin sancılmış ellərə tək-tək, Əlində ölkələr bir oyuncaqdı. Kinli ürəklərdə bəslənən şimşək Başında partladı, gözündə çaqdı. Əvət, qaynağında aman bulmayan Zavallı insanlar üzünə durdu. Dərələr, təpələr eylədi üsyan, Bağrına zəhərli bir güllə vurdu. Bizim dünyamızın hakim işçisi Daldı öküzlərin ahü zarına, Dərdə düşənlərin olub bəkçisi, Son verdi uğursuz uçuşlarına. Dönüb bir tufana, tutdu yolunu, Sarsıtdı aləmi onun buyruğu. Qırdı şəhpərini, kəsdi qolunu Sağlam bir işçinin iti yumruğu! * * * Dağlar Siz ki bir-birinizdən ayrılmayan əşdiniz, Sinənizə ayrılıq dağı çəkildi, dağlar! Aya, hankı cəlladın pəncəsinə keçdiniz, Niçin böylə qəddiniz sındı, büküldü, dağlar? Sizin ki, üzünüzdən qaralırdı çox işıq, Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq. Qaynaqlara edərkən gədikləri çarpaşıq Bu gün çəlik bağrınız nədən söküldü, dağlar? Nallarını küheylan atların qırardınız, Önünüz əngin dərə, uçurumdu ardınız. Çayların gur səsilə, üfqə hayqırardınız, Sizin öncə halınız belə deyildi, dağlar! Ruzgarları yararkən köksünüz parça-parça, Ayrı qalırdı quşlar sıradan haftalarca, Alnınızı buludlar oxşarkən bəxtiyarca, Dik başınız önümdə nədən əyildi, dağdar? Üst-üstdən o zaman ki, bıçaqlandı qəlbiniz, Çaylar sapdı yolundan, narə yandı qəlbiniz, Barıt dumanlarilə saçaqlandı qəlbiniz, Axırda bir mum kimi söndü, töküldü, dağlar! İnsan oğlu – əzəldən o sinə dağlayandı, Yoxsa onun xəncəri köksünüzə dayandı?! Başınıza kül oldu, könlünüz oda yandı, Onda ki, yerinizdə raylar çəkildi, dağlar! * * * Dilənçi Sərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz, Uğuldayan küləklərlə sarsılmada soqaqlar. Hər kimin ki, qanadı var çovğun olsa darılmaz, Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar. Gələn də var, gedən də var, mən də varam bu gecə, Təbiətin dəhşətləri titrədiyor ətrafı. Bir bucaqda yorğun titrək əllərilə kəmənçə Çalan zəif bir ixtiyar inlədiyor ətrafı. Yanında bir yavrusu var, yorulmadan çalıyor. Kamançanın simlərindən qopan yanıq havalar İncəldikcə, hər kəs ondan acı bir həzz alıyor. Yellər dəxi vəlvələli ötüyorkən bu yoldan, Yavaş-yavaş səslərini dəyişdirib bir qadar, Onlar dəxi uzaqlarda, ağlıyorlar könüldən. -Ey ixtiyar, sən ey zalım, məzlum dolu illərin Ürəklərə kədər saçan, ələm verən töhfəsi! Acı dolu, əzab dolu, zülüm dolu illərin Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi! Sənin artıq vaxtın ötmüş, Səni dövran səfil etmiş. Fəqət onu, o sevimli qızcığazı, Olma razı, Qış dondursun, günəş yaxsın. Burax onun əllərini, Burax onun hörülməmiş tellərini. Qoy buraxsın Oxuduğu yanıq, xəstə havaları. Burax, barı Çağlıyorkən yurdumuzda yaşayışın selləri, Bəlkə öpsün gözlərini səadətin yelləri. * * * Divlər səsi Oktyabr, bu adın şöhrəti var dillərdə, Yalnız burda deyil, bizdən uzaq yerlərdə. Bu döyüş bayramı hər yerdə bizim işçilərin, Mavi köynəkli, qudok səsli nümayişçilərin. Göstərir aləmə hər işçi bu gün öz gücünü, Kapital sahibinin göylərə çıxmaqda ünü. On beş illik dağımız göylərə yüksəlməkdə, Tək deyil göylərə yüksəklər yüksəlməkdə. Çıxmamışdır boşa qollardan axan zəhmətimiz, Günü zəbt etməyə var qüdrətimiz, qüvvətimiz. On beş il çarpışaraq dağlara dağ vurduq, bax! Kükrəyən, dalğa vuran çayları coşdurduq, bax! Qapqara, qumlu yetim çölləri aydınlatdıq, Lal, kar ənginləri can bəxş edərək çınlatdıq. Kimya, avtotraktor, yeni dəzgah, yeni iş... Bakı yüksəklərə dırmanmaq üçün söz vermiş, Axıdır çeşmələrindən qara cövhər, qara su. Bolşevik fikri qədər işdə dərindir quyusu. Çıxarır zahirə şöhrətli Ural qatlarını. Rəngbərəng, canlı, hərarətli metal qatlarını. Bax, Dnepr qoca bir ölkəyə can verməkdə, Yeni dəzgahları insan kimi dindirməkdə. Uca göylərdə bu gün sanma buludlar sürünür, Yeni bir kombinatın ərşə çıxan tüstüsüdür. Parovoz, avtotramvay və traktor, Domna – Hamısı düşmüş qatı bir bolşevikin düz yoluna. Şaxtalar, fabrikalar, canlı zavodlar, işlər, İşçi məfkurəsi üstündə təməllənmişlər. Baxınız, dalğa vuran canlı sular parçalanır, Quru səhralara pambıqlı köpüklər calanır. Qüvvəsi göylərə sancılmış olan evlərə bax, Gəl bu evlərdəki tarixi yapan divlərə bax. Biz hücüm eyləmişik, selləri bənd eyləmişik. Köpürən dalğaları sanki səmənd eyləmişik. Biz hücum eyləmişik əski qaranlıqlara da, Projektor kimi, matəmli dumanlıqlara da. İşimizdir o qaranlıqları aydınlatmaq, O rütubətli dumanlıqları aydınlatmaq. Güclənir fit kimi, arslan kimi kollektivimiz, “Siqləti ərzə” bərabər kimidir hər divimiz. Bəlli, nöqsanlarımız varsa da, lakin hala, Kimsədən minnətimiz olmamış, olmaz əsla! Bütün əngəlləri, müşkülləri yaxmış, yıxmış, Qəzetlər söylədilər Buxta kəsirdən çıxmış. Bu kəsirdən o pambıq çölləri çıxmazmı əcəb, Bunu öz şanlı firqəmiz etməkdə tələb. Gedirik, yol qısalıb, çünki yarış var bizdə, Quruluş xətləri var qoyduğumuz hər işdə. Söylərik “kim-kimi”, qoşduq, havalandıq iləri, Sarsdı düşmənləri hər an “çatıb ötmək” xəbəri. Daşırıq, çalxalanır, kükrəyirik, sel kimiyik, Bağların şahiqəsindən sivişən yel kimiyik. Əsirik əski fənalıqları məhv etmək üçün, Yaxşı məqsədləri dünya boyu yüksəltmək üçün. Neftimiz, pambığımız, benzinimiz, maqnitimiz Güclənir, güclənirik qoşduğumuz cəbhədə biz. Bax beşillik planın feyzinə, düşmən, sən də, Gələcək işçilərin! Çatlayaraq ölsən də! Ataraq keçmişin allahını, peyğəmbərini, İzlədik ağlımızın, fikrimizin rəhbərini. İzlədik zəhməti! Zənn etməyiniz səhv etdik, Yapma allahı və peyğəmbəri biz məhv etdik. Nərəmiz, gur səsimiz şərqə yayılmaqda bizim, Səsimizdən yatan arslanlar ayılmaqda bizim. Hindin əsrar dolu ormanları canlanmaqda, Köhnə Qanjın suyu daşmış, həyəcanlanmaqda, Çində vulkanlara bax, “mişki xəta”dan əl çək! Bunu, əlbəttə, yapon taciri söndürməyəcək. Günəşin hizməsi mizraq, göy olub qalxanımız, Yanacaq gün çıxan ellərdə qızıl vulkanımız. Yanacaq bir yeni vulkan kapital yurdunda, Axacaqdır yeni bir qan kapital yurdunda! Axacaq qan, sökəcək dan yeri! Dünya güləcək, Oktyabr kimi günlərlə bəşər yüksələcək! * * * Dönüş Mədəni hücumu keçirtdik həyata, Qalmadı keçmişdən bir nişan, bir əsər. Minərkən quş kimi çaparaq bir ata, Bir yola salındı ölkəmiz sərbəsər. İndi də "sürəkli iş günü" hər kəsi Ayırır yolundan Əhmədin, Isanın. İşləyib canlara çarxların nəğməsi, Uçulur qübbəsi məscidin, kilsanın. Dövranın günləri, ayları, illəri Bir başqa mehvərin başına dolanır. Görüncə bir sıra zərbəçi əlləri Keçmişin müztərib ürəyi bulanır. Tutuldu tarixin dolaşıq yolları, Bağlandı üzünə günəşli qapımız. Bu köhnə yolçunun bağlandı qolları, Bir səslə çığırdıq üstünə hamımız: – Biz yeni tarixin qüvvətli oğluyuq, Yolumuz başqadır, izimiz başqadır! Həycanla, həvəslə, tufanla doluyuq, Fikrimiz getdikcə cahana əl qatır. * * * Düdük sədaları Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə, Tıxanır qulağımız sinirli bir ahəngə, O zaman xəyalımız düdüklər coşmuş sanır. Bir cılğın ürpərişlə bu hayqıran düdüklər, Boynumuza həyatın ağır yükünü yüklər, Nəhayət hər tərəfdə gediş-gəliş başlanır. Toplaşır əməkçilər iş başına həvəslə, Üfüqlər bürünürkən fəcirdən bir kömləyə, Düdüklərin əmrini yerinə yetirməyə. -Çağırınız bizləri kəsilməyən nəfəslə Düdüklər! Yorulmadan çağırınız bizləri, Təqib edəcəyiz bir hərəktlə sizləri. Ey hər düdük ruhundan ruha axan sədalar, Ürəklərdə şən əmək şamı yaxan sədalar, Sizinlə makinanın düyünləri açılır. Boruların ağzından qaçıb uzaqlaşınca, Sürətli dalğalarla siz bizə yaxlaşınca, İçimizə həyatın cilvələri saçılır. Düdüklərin müsəsəl uzun çağırışları, Havada bu görünməz səslərin yarışları Sayəsində çözülür sükunətin bağları. Bəzən təbəssümlərlə cilvələr bulursunuz, Bəzən tutqun gözlərin şahidi olursunuz Ey düdük sədaları! Ey düdük sədaları! * * * Düşüncə Günəş ipək tellərinin sarımtraq rəngini Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən Gətirərəm xəyalıma bir al bayraq rəngini. Düşünərək derəm, bu da, əvət bir sabah erkən Bir dünyanın göylərində günəş kimi hər səhər Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. Şən gecələr ay işığı düşürkən yamaclara Şuraların ellərdəki kölgəsini anıram. Dilbər sular dalğasına dənizlərdə, göllərdə Oxuyaram yeni həyat sevdasilə çırpınan, Əskiliyə üsyan edən könülləri hər zaman. Yorğun-arğın karvanilə səhralarda, çöllərdə Bəzi gecə yarı yolda qalanları dinlədim, -Hankı şeydir yolçulara nicat verən?- söylədim. Birağızdan dedilər ki, dan yeri, dan ulduzu! Sordum, bundan gözəli yoxmu parlayanların? Dalğalandı qarşımda o vaqıt bu diyarın Al bayrağa sığınmış könül açan ulduzu. * * * Düşdü Çiçəklər aşiqi bir bülbül kimi, Gözüm bir bağbanın gülünə düşdü. Qəhrini çəkdiyim gülün surəti Sakit xəyalımın gölünə düşdü. Orda-burda keçdi gənclik həyatım, Hər yerdən kəsildi rəhi-nicatım, Gör nə bədbaxtam ki, axırda adım Hər körpə uşağın dilinə düşdü. Onunçün çırpındı qolum-qanadım, Onu yerdə deyil, göydə aradım. Gəncliyim, şərəfim, müqəddəratım Bir ürkək ceyranın əlinə düşdü. * * * Eşqim Anasız, babasız Ofelya kimi Saçları pərişan bir qızdır eşqim. Qəlbimin buludlu səmalarında Titrəyən bir qərib ulduzdur eşqim! Olmadan aşikar doğduğu yerdən, Böyük tanrı kimi düşmüş nəzərdən, Çöhrəsi gülməyən xarabalardan Daha qəmli, daha issızdır eşqim! Həyata baxmamış gülümsər kimi, Hər bir hadisədən bixəbər kimi, Yad əllərdə qalan yetimlər kimi Başı bəlalıdır, yalnızdır eşqim! * * * Ehtiyac Qalsınmı fabrikdə Dəzgahın bəndləri şirəsiz? Dursunmu bir uzun herikdə Traktor nərəsiz? – Nöyüt ver! – söyləmiş firqəmiz Ki, çıxsın yağının əlindən yaxamız. Qoy artsın tələblər! Bizi ki, sarsıtmaz afaqı səbəblər, Çünki biz Xırdaçı deyiliz. * * * Əmək Dönüb keçmişlərə bir fikrə getdim, Öyrəndim insanın kim olduğunu. Birdən gözlərimə göründü cəddim, Baxıb seyr elədim köhnə meymunu. Heyvanlar içində o da bir heyvan, Sürülər içində o da bir sürü. Yaylağı mağara, qışlağı orman, Zillət torpağında yazığın ömrü. Əlində daş, dəmir... mətin dağları Sürünə-sürünə hirslənib deşir, Təbiət dəyişir, özü dəyişir. Əmək- insanlığın tükənməz varı... Əmək sərf olunan yer cənnətimdir. Hüsnümdür, eşqimdir, səadətimdir! * * * Əllər Könlüm ova çıxarkən gənclik iqlimlərində, Əllərimdə sıxıldı bir qaç nazlı göyərçin. Öylə bir şəfqət hissi oyatdılar ki, məndə O quşların halına sızladım için-için. Oxşadıqca oxşadım, incitmədim onları, Yumşaq qanadlarında buraxmadım bir ləkə. Sovrularkən ətrafa qışın qarı, ruzgarı, Bağrımın başı oldu onlara isti ölkə. Bir gün göyərçinlərim qanadlanıb uçdular, Əvət, o quşlar bütün oxşadığım əllərdi Ki, hamsı qəlbim kimi köksümdə titrəşərdi. Yalnız onların biri hənuz xatırımda var, Öylə ki, əllərimlə sinəmdə oxşanarkən Saplamışdı ruhuma dırnaq ilə bir tikən. * * * Əyyaş Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə, Başlar köküsdə… lakin soqaqda bir qaraltı Gərinib bükülmədə, şaxta onu kəsmədə, Buzdan bir cam kəsilmiş ayaqlarının altı. Durmadan söylənmədə o kəndi-kəndisilə Alnının çuxurunda parlıyor iki məşəl. Sağdan, soldan küləklər vurub üzünə sillə Yıxmaq istiyor onu şəffaf dəmirdən bir əl. Yox sözlərində məna, canında yox ixtiyar, Qollar, bacaqlar həpsi qarışmış bir-birinə, Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar, Düşmüş uğursuz, acı bir adətin girinə. Sağ əlində bir şişə, sol cibində bir şişə, Hankı böyük bir səbəb onu bu hala salmış? Çəkmiş hankı bir əməl biçarəni bu işə, Hankı təsadüfdən o, bu yaman günə qalmış? Alnında bir bəyaz qəm, – bir dilənçi günündə – Üzü günəşdən qızıl, içi qarlardan ağdır. O, şimdi durdu yüksək bir binanın önündə, Keçmişini yaşatmış bu evə baxdı… baxdı… Qılınc kimi kəsici şaxtanın şiddətilə İştə çürük bir ağac cansız uzandı yerə. Içində bəslədiyi müvəbbəd qüdrətilə Bir quşsa qanad açdı ağ çadralı göylərə. Buram-buram qıvrılıb həmlə edincə ruzgar, Bu əyyaş qaldırımdan üzüstə yerə düşdü. Qəlbində son döyüntü, səsində xırıltılar Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü. Əvət həyat dənilən bu döyüş meydanından Basılmamış çıxacaq kimin varsa qanatı. Əvət, kim şübhə etsə, qüvvətindən, canından Ac soqaqlar əlində boğulacaq həyatı. Kimdir bu ilan kimi sürünüb ölən adam, Çökmüş kaşanələrin bacarıqsız oğlumu? Nərdə onu yaşadan dünkü parlaq ehtişam, Onu öldürən kəndi sinfinin yolumu? * * * Fantan Sonsuz gurultular arasında bir Göylərə baş çəkən buruq titrəyir. Çapuq işçilərin hərəkətindən Dönmüş bir dalğalı dənizə mədən. Həyəcan ətrafda fırtına kibi, Mədən hərəkətdə, buruq əsəbi. Buruğun sinirli gurultuları Sarsıdır div kimi bütün civarı. Yerin damarını sorurdu fantan, Buruğun başına vururdu fantan. Buruğun çevrəsi batmışdı neftə, Yerdə neft axırdı su kimi müftə. Buruq hayqırırdı qəlbində mətləb, Buruq döyüşçülər eyləyir tələb. Vardı aralıqda yanğın qorxusu, Fantandan gəlirdi ölüm qoxusu. Gurultu dəhşəti, yanğın lərzəsi Salmışdı heyrətə bu gün hər kəsi. Kranı bağlamaq gərəkdi əvvəl, Bununçun lazımdı bacarıqlı əl. Kran bağlansaydı qorxu qalmazdı, Neft axıb boş yerə hədər olmazdı. Burda kimsə işdən qalmayacaqdı, Kimsədə donuqluq olmayacaqdı. Mədənin nasosçu dəstəsi gəldi, Gurultu daha da artdı, yüksəldi. Bunlara həvalə olunmuşdu iş, Vardı buruğa sarı bir irəlləyiş. O bunu, bu onu qaçar, qovardı, Ətrafda bir qoxu heyrəti vardı Daha ilk baxışda zirəklik edən, Qaşını çataraq, irəli gedən. Sağnaq arasına soxulan Cəbi Atıldı cəbhəyə bir əsgər kibi. Mədəni bir böhran qorxusu aldı, Qorxu vücudlara zəlzələ saldı. Işçilər Cəbini qoymadılar tək, Qoşdular ki, ona etsinlər kömək. Ürəklənib girir hamı buruğa, Kim heyran olmazdı bu coşğunluğa. Bu yürüş bir hücum marşı kibiydi, Beşillik planın bir tələbiydi. Mədəndə artırdı qüvvə getdikcə, Yardım dalğaları minirdi gücə. Cəbinin bu işi, bu cəsarəti Topladı bir yerə bütün qüvvəti. Bağlamaq çətindi kranı, heç kəs Sanki çəkməyirdi qorxudan nəfəs, Donmuşdu yerində yüzlərcə məxluq. Sarmışdı hüzuru bir umudsuzluq... Birdən uğultusu kəsdi buruğun Və əvvəlki kimi olmadı coşğun. Fırtına qoynundan, dəhşət içindən, Uğultu içindən, vəhşət içindən Cəbi bağlayaraq kranı çıxdı. Onun üzü ağdı, alnı açıqdı. – Bağladım! Fərəhdən coşdu fəhlələr, Cəbinin üstünə qoşdu fəhlələr, Aldılar ansızın onu dövrəyə. Çoxu şahid oldu bu mənzərəyə: – Ay Cəbi, kranı necə bağladın? Doğrudan fantanı yaxşı saxladın. – Onu deməzlər ki... – Bah, çək özünü! Bir başqası ona tutub üzünü: – Sağ ol, Cəbi dayı! – Sən də çox sağ ol! – Ay balam, kişiyə bir yol verin, yol, Qoyun bir az getsin rahatlıq etsin. Cəbini mən yaxşı təsvir etmədim, Incə nöqtələrə çox da getmədim. Parlaq zərbəçidir mədəndə Cəbi. Şadlanır hər işə gedəndə Cəbi. Ondan ibrət alır işdən qaçanlar, Tənbəl iqlimlərə yelkən açanlar. Mədəndə hər zaman ismi anılır, Mədəndə birinci adam sanılır. Əmək qəhrəmanı adını almış, O yalnız meylini zəhmətə salmış. O yalnız güvənir iş qüvvəsinə, İşçilər səs verir onun səsinə. – Yoldaşlar! Tərlan bəy bizi aldadır, Onun düşündüyü yalnız paradır. Onun sözlərinə inanmayınız, Şirin dillərinə aldanmayınız! O bizi qulluqdan çıxara bilməz. Bizsiz buruqlardan cövhər çəkilməz. Daim onun bizə ehtiyacı var, Bizim qüvvəmizə ehtiyacı var. Çarın quyruğudur onlar həmişə, Bu quyruqluq olmuş onlara peşə. Işçiyə nə vətən, nə millət vardır, Onlar bu sözlərlə bizi aldadır! Urus, türk, erməni – işçidir həpsi, Onlarsa yalandan ayrırlar bizi. Məhv olsun boş yerə canımız neçin? Axsın, hədər getsin qanımız neçin? Biz milli davadan əl çəkməliyiz, Sinif döyüşündə qan tökməliyiz, – Deyə 1905 sənələrində, Qaranlıq günlərin bir dəftərində Cəbinin bu nitqi qeyd olunmuşdu, Üstünə illərin tozu qonmuşdu. O zaman güvənib iş qüvvəsinə, Çoxu səs vermişdi onun səsinə. O çoxdan ayrılmış dağdan, arandan, Gəlmişdi Bakıya Cəbi Irandan. Gəlmişdi, ordan da ayrılmamışdı, Əvvəlki qınından sıyrılmamışdı. Bir yandan işçiydi, bir yandan kəndli Keçirdi günləri daima dərdli. Çünki ailəsi ordaydı onun, Həmişə qəmliydi, həmişə məhzun. Gördü sərbazların quldurluğunu, Yoxsulluq Bakıya qovladı onu. Keçmədi bir öylə müddət aradan Əl çəkdi büsbütün maldan-qaradan, Əl çəkdi, Irandan çıxdı nəhayət, Başını Bakıya yığdı nəhayət. O, bir gün parlaman önündə durmuş, Kimsəsizlər kimi boynunu burmuş Baxırdı qayəsiz bir izdihama. Bəzən dodaqaltı gülürdü, amma, Əsgərana doğru gedən bu axın Həyata uzaqdır, ölümə yaxın. Balkonda bir ovuc boynuyoğunlar, Hamsının çiynində zərli paqonlar Ilan dərisi tək işıldayırdı. Həpsinin dişləri qıcırdayırdı. Parlaman üstündə üçrəngli bayraq Çarpırdı ruzgara dalğalanaraq: Baxırdı qəzəblə Cəbi balkona, Bu izdiham ağır gəlirdi ona: – Qırdırınız xalqın uşaqlarını Məgər bu günlərin yoxmu yarını?! Sarı ingilisin kor eşşəkləri! Bu sözü o dövrün bir kəlpeysəri Eşidincə artır qəlbində kini; – Bəyənmirsən islam hökumətini?.. – Deyə Cəbiyə əl açmaq istərkən Cəbi izdihama qarışdı birdən. O daim cəbhədə hazırdır, hazır; Onun üç zərbəçi dəstəsi vardır. Böylə fantanları çox görmüşdü o, Böylə buruqlara çox girmişdi o. Çox dinləmiş böylə gurultuları, Etmişdir mədəndə ömrünü yarı. Cəbi, neft uğrunda çalışan Cəbi, Hər dürlü zəhmətə alışan Cəbi. Cəbi məhsulatın güclənməsində, Proqramın artıq ödənməsində İlk addım atmışdır öz dəstəsilə, Vurub hər əngəlin üzünə sillə, Olmuş dəstəsilə mədəndə rəhbər, Olmuş mədənçilər dilində əzbər. Yarım saatdı ki, dincəlirdilər, Yorulan təbii dincəlmək istər. Fantan bulamışdı zərbəçiləri, Sanki sulamışdı zərbəçiləri. Tütün dumanilə otaq dolmuşdu, Cəbiyə işçilər heyran olmuşdu. Onun ətrafında gedirdi söhbət, Hamı bəsləyirdi Cəbiyə hörmət. Burda dağ sənaye məktəblərindən Gələn bir tələbə qalxıb yerindən: – Cəbi dayı, sən çox cəsur adamsan. Cəsarətin məni etdi hərasan, Fəqət sən buruğa girəndən sonra, Fantana nəhayət verəndən sonra Qəlbimdə mətanət qanı qaynadı, Ürəyim açıldı, könlüm oynadı. – Ay bala, sən hələ uşaq adamsan, Sən hələ cavansan, sən hələ xamsan. Başın çıxmaz sənin belə işlərdən. Hər işi öyrənmək olmaz ki, birdən. Nə qədər bu yolda çalışmışam mən, Nə dürlü zəhmətə alışmışam mən. Gurultu içində keçmiş həyatım Mədəndə açılmış qolum, qanadım. Bu gurultu mənə fərəh gətirir, Bu səslər ömrümün musiqisidir. – Ay Cəbi, şəklindən xəbərin varmı? – Bəsdir, pərt etməyin, əşi, adamı, Bənzətmişlər məni bir qəhrəmana. – Məncə qəhrəmanlıq yaraşır sana. Deyərkən, Cəbinin dodağı qaçdı, Könlündə, fərəhli çiçəklər açdı Danışıq yenə də davam edirdi, Bəzisi otaqdan çıxıb gedirdi. Bu zaman mədənin müdiri gəldi, O bayaqkı kimi tutqun deyildi. Gözləri sevincdən fanar-fanardı, Könlündə məsərrət odu yanırdı. – Sağ olun, yoldaşlar, sizin işiniz Bizə göstərdi ki, aciz deyiliz. Gələcək beşillik planları biz Belə fantanlarla ödəməliyiz. Fəqət təhlükəsiz deyil fantanlar. Ona Cəbi kimi möhkəm insanlar, Polad zərbəçilər gərəkdir, fəqət Hər kəs almalıdır Cəbidən ibrət. Cəbi vüqarlıydı, üzü gülürdü, Siyah neftə çalan gözü gülürdü. – Bəlkə Cəbi dayı söz-möz istəyir? Ona da söz verək görək nə deyir. – Mənim danışmaqla heç aram yoxdur Onsuz da iclasda danışan çoxdur. – Yox, danışmalısan ... – Yaxşı, yoldaşlar, Mənim ancaq sizə bir-iki sözüm var: Əvvəla hər işdə sayıq olmalı, Onda yaxşılaşar mədənin halı. Işi özbaşına buraxmaq olmaz. Plansız verilən rəqəmlər dolmaz! Ayıq olsaydınız fantan vurarkən Quyunun ağzını bağlayıb erkən, Bu qədər zəhmətə düşməzdik, gərək Işə əvvəlindən diqqət yetirmək. Bu zaman bir işçi girdi içəri, Baş-ayaq vururdu onun sözləri – Yoldaşlar, yenə də fantan var... – Necə? Hər kəs batmış kimi oldu sevincə – Hansı buruq?.. Yeni qazılan buruq? Özümüz fantanın şahidi olduq. Ansızın atıldı həpsi dişarı Cəbi də yüyürdü buruğa sarı. * * * Gəzdiyim yerlər Əsrlərdən bəri, illərdən bəri Dərdinə qaldığım yerdir bu yerlər. Biliyor saçları qızıl bir pəri Qurbanı olduğum yerdir bu yerlər! Bu gözəl aləmi gəzdikcə dağ-dağ, Oldum sevincinə, qəminə ortaq. Ey söyüdlü dərə, ey dumanlı dağ, Səfaya daldığım yerdir bu yerlər! Qapıldım bu yerdə əyləncələrə, Anlamış hər irmaq, bilmiş hər dərə, Ya dalıb diqqətlə düşüncələrə, Ya ilham aldığım yerdir bu yerlər. * * * Gecə düşüncəsi Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... Gecə sakit... düşüncəm sakit deyildir fəqət, Gözlərimin önündə canlandı bir həqiqət. Xəyalım ənginlərə o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, İlk dəfədir kainat- Dünyanı sellərində çalxayan bizim həyat Sağda, solda döyüşmüş, Sonra yoluna düşmüş. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl! Göy üzünə bircə bax, hər ulduz bir sarı gül, Yarı qönçə, yarı gül. Səni gördüm, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizə bu nazlı aləm görünərdi qaranlıq, Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq. Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən, Bir az fikrə gedərkən, Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... * * * Göygöl Mən bu gün Göygölü durğun gördüm, Göygölün şəklinə vurğun gördüm. Çırpınan bir quşu, quş çağlardı, Yeri çiskin dolu dik dağlardı. Qızıl əsgər sipərindən çıxaraq, Diri könlümdə qanadlandı maraq. Buraxıb torpağa torpaqlıları, Dırmanıb dağlara, çıxdım yuxarı. İstədim bir yeni dünya bulayım, Azacıq Göygölə mehman olayım. Çıxaraq bir dikə, gördüm sonda Dağların kölgələnən qoynunda Uyuyor naz ilə Göygöl rahət. Onda var öylə dərin bir riqqət Ki, baxanlar ona heyran oluyor, Qəlbi köksündə xuraman oluyor. Dörd tərəfdən onu çamlar bir-bir Sanki zəncirləyib etmişlər əsir. Sanki dağlar ona olmuş dayə, Qayalar bağrına salmış sayə. O fəqət hər şeyə dinməz baxaraq Duruyor, dağların ardında şafaq Çırtlayıb, incə qızıl saçlarını, Saç deyil, od kimi qırbaclarını Sallayıb köksü dəlik dağlardan. Oxuyor Göygölə kəskin meydan. Rəng verib, rəng alıyor Göygöl də, Buna heyran qalıyor Göygöl də. Günəşin nuru toxunduqca ona, Bir alov hizməsi qonduqca ona, Gözlərindən saçılır almaslar, Silinir qəlbini tutmuş paslar. Daşıyor mavi göyərçin bağrı Onda şimşək kimi od parçaları. Bir tərəfdən onu sarmış qayalar, Qayalar Göygölü burnilə yalar. Göylərin sanki bu Göygöl dibidir. Halqa üstündəki zümrüd kibidir. Çamların dalları yelləndikcə, Yellənib quş kimi dilləndikcə, Sanki bir sevgili qız qəlbindən Qopuyor gizli yanıq bir şivən. Bu yanıq şivəni Göygöl duyuyor, Uyuyor naz ilə səssiz, uyuyor. Uyuyor nəşəli bir tazə kimi. Tül vərəqlər onu yelpazə kimi Oxşuyorlar, necə bir quş qanadı, Tor kimi üstünü göy yarpaqlar Almış ətrafdan onun, baxsanıza! Ah, bu şeytan nə səbəbdən bu qadar Bənziyor çadralı bir vəhşi qıza? Çarşafı incə dumanlardandır, Baxıyor, sanki adamdan utanır. Bir lətif ruzgar əsərkən yaxud Göygölün ruhu olur pək məsud. Tellənir sinəsinin dalğaları, Baxıyor göylərə altdan yuxarı. Vəcdə gəldikcə ipək yarpaqlar Tökülüb dizlərinə səcdə qılar. Onda Göygöl yeniliklər buluyor. Sarı yarpaqlara mədfən oluyor. Göygölüm, başqa səfa var səndə; Bulmuşam özgə cahanlar səndə. Yer yeşil, göy yeşil, ətraf yeşil; Doğduğum bəldə mənim böylə deyil. Mən küləklər şəhərindən gəldim Zəhmətin ümdə yerindən gəldim. Öylə bir yer ki, onun gülləri yox, Sayrayan nəşəli bülbülləri yox. Böylə əngin dərələr yox orada, Qocaman məşcərələr yox orada. Orda yox böylə çəmənlərdən əsər. Orda bülluri bulaqlar nə gəzər! Orda lakin yeni insanlar var, Qaynayan qırmızı vulkanlar var. Açıyor orda alovdan güllər, Ötüyor orda çəlik bülbüllər. Meşələr orda buruqlardandır, Çağlayanlar qara qanlardandır. Səndə dağlar, dərələr, düzlər gül... Gecələr gül kimi, gündüzlər gül. Möhtəşəm dağlarının başları qar, Dağ qaçar, sanki dumandan qorxar. Niyə, Göygöl, bu qədər susqunsun? Razı ol çırpınıyorkən qonsun Dalğasız sinənə qəlbim azacıq, Kimə sən vermədəsən, söylə, acıq Bu gözəlliklə, bu səssizliklə?! Çağlayanlar kimi gəlməzmi dilə Azacıq olsa da durğun baxışın, Dalğalar rənginə vurğun baxışın? Mən də əvvəlləri çox küskündüm, Köhnə zəncirləri qırdım, yendim. Mən nəyim indi? Qızıl bir əsgər, Açmışam yerdə günəşdən şəhpər. Qoy dodaqlarda çiçəklənsin adım, Quş deyilsəmsə də vardır qanadım. Ey çocuq ruhu qədər şən Göygöl, Köksü almas kimi rövşən Göygöl! Ətəyindən əyilib öpdüm mən, Kim qaçar sevgilisin öpməkdən? Çənlərin oynağı olmuş başucum, Göyləri sanki qamarlar ovucum. Vuruyor qəlbimi bir körpə sevinc, Sevinərdim dura bilsəydim dinc. Çünki gəlmiş mənə şadlıq sırası, Göygölün çünki şirin xatırası Titrədir qəlbimi həycanlarla, Der ki, haqqımda şeir az, parla Sən ki bir parça sümüksüz ətsin, Bu gözəllik səni qoy titrətsin. Bir də quşlar, kələbəklər, güllər, Quytu çamlar və üfüqlər yer-yer Nazlı qoynunda sənin birləşərək, Veriyor mövqeyə xoş bir ahəng. Sana diqqətlə dalarkən nazarım, Coşdu qəlbimdəki çırpıntılarım. Sarılıb beynimə rəngin saplar, Bir yumaq yapdı ki, çox qiymətdar. Razı ol baxmaq üçün göylərinə, Kim dalar böylə dərindən dərinə? Göy dəniz, sanki buludlar sarqıq Qayalardır ki, düzülmüş sıq-sıq. Fərqi yox hər qayanın bir gəmidən Ki, üfüqlərdə açarlar yelkən. Sonra atbaşlı buludlar gəliyor, Şahə qalxar kimi həp yüksəliyor. Kişniyorlar toxunub bir-birinə, Nə deyim mən bu göyün mehvərinə Ki, bu köhlənləri yığmış başına. Hər bulud sonra çatılmış qaşına, Düşünür, cəzb ediyor ənzari; Baxaraq mən dəxi altdan yuxari, Süzərim bunları heyran-heyran. Bu zaman zehnimi şiddətlə saran Duyğular toplaşaraq bir araya, Başlayarlar şığıyıb gurlamaya. Qəlbimin səsləri səsləndikcə, Səslənib könlüm həvəsləndikcə, Şu buludlar – şu qədəhlər kimi, baq, Şu buludluqlara etdikcə maraq, Istərim yaslanıb alçaqlara mən, Mey sunaydım başı dik dağlara mən. Dinləyin, ey qoca, yüksək dağlar, Ey bu dağlarda əsən irmaqlar, Ey yaşıl sinəsi əngin dərələr, Içi sirlərlə daşan məşcərələr! Mən baxarkən sizə bilməm uyumaq, Nazənin duyğularım sanki yumaq Kimi bir mehvərə səssiz sarılır, Mənə heç şey bu zaman gəlməz ağır. Sənətin, bəlkə həyatın yükünü Daşıyorkən acı küskünlüyünü Ürəyim bir pula satmış kimidir. Bu ticarət mənə ləzzət gətirir. Dediyim sözləri gəl bir də eşit! Sanma vardır mənim ağzımda kilit. Sən gözəlsən, buna bir şübhəmi var? Boş gözəlliklə fəqət aşmaz kar! Doğrudur, mən sənə qaldım heyran, Bildim, insanda olurmuş nöqsan. Mən fəqət bir sinifin şairiyim, Göyə uçmam da, zəmin şairiyim. Bizə iş lazım, əvət, iş lazım, Həp budur məqsədimiz çünki bizim, Bir də nadirsin, onunçun bu qadar Sənə məftun oluyor insanlar. Səndə qalmaz bu təbiət, Göygöl! Çəkilərsin işə, əlbət, Göygöl! Biz təbiətlə döyüşməkdə ikən, Buna biganə görünməzsən sən. Suların çaxdıraraq şimşəklər, Dağların bağrına nurlar sərpər. Saracaq dövrəni rahatlıq evi, Çünki əsrin şu bəşər adlı divi Səni pək başqa bir aləm yapacaq, Çayların bəlkə yolundan sapacaq. Işləyib çox çəkəcəklər zəhmət, Edəcəklər bizə onlar xidmət. Dırmaşıb köksünə raylar bir gün Şəhrə əlbət olacaqsan üskün. Bir sabah mavi, yaşıl qoynunda Incilər parlayacaq boynunda. O zaman aylara, ulduzlara sən Gecələr eyləyəcəksənmi pəsənd? Böylə qalsan əgər, ey Göygöl, inan Pək təbii, çıxacaqsan yaddan. Çünki hər zərrə dəyişmək istər, Yaşamaqçın dəyişiklik göstər! Ey çocuq ruhu şən Göygöl; Köksü almas kimi rövşən Göygöl! Mən də olsaydım əgər bir şair Səni həqqilə edərdim təsvir. Mən ki şair deyilim, bir gəncim, Yanıyor odlu əməllərlə içim. Doğrudur, indi darılmış nəfəsim, Tutmamış ölkəmi həqqilə səsim. Dönərim sellərə, irmaqlara mən, Çarparım kəndimi dik dağlara mən Eşidilməzsə əgər avazım, Yoxsa sınmışmı, qırılmışmı sazım?! Taxtadan yox, bu ötən sazcığı mən Yapmışam, dinlə, çəlik köksümdən. Ürəyimdən hörərək tellərini, Bəzəyib süsləmişəm hər yerini. Pək qısıqdır səsimin dalğaları, Uça bilməm daha bundan yuxarı. Acizim doğrusu, Göygöl, bax da, Bu gözəl sazcığı mən çalmaqda. Yayı lakin bu sazın ölənə qadar Tutacaq köksümün üstündə qərar. Gün gələr mən onu dilləndirərim, Çalarım, varlığı dilləndirərim. Ürəyim nəşəli, ruhum oynaq, Sənə, əlbət, gəlirim bir də qonaq! Seyrə getdikcə yaxından səni mən, Xeyli dəm ayrılaraq kəndimdən Gur bulaqlar kimi qaynar, daşarım, Nəşədən özgə bir aləm yaşarım. Olarım mən o zaman bir şair Eyləməkçin səni, Göygöl, təsvir! * * * Gülüşlər Gülüş vardır səslərinə tuncəkslər yapdırır, Gülüş vardır könülləri ruzgarlara qapdırır. Bəzi tikər könüllərdə alovlardan bir məbəd, İllər boyu atəşinə insanlığı tapdırır. Bürünərək çoxu ipək füsunlu bir çarşafa Saçır büllur təbəssümlər, əyləncələr ətrafa. O pərdəyi parçalasaq can atarız nəhayət Və başlarız göz yaşları aləmini təvafa. Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi. Zəncirləyər uçanları halqalandıqca bəzi Bəzi sıçaq görüşlərə doğru yollar göstərir. Fəqət onun gülüşləri bir qönçəyə yaslanan Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman Gənc ömrümə yüksəlməkçin qanad verir, can verir. * * * Gülnaz Yeni on dörd yaşa girmişdi bu yaz Sarışın, nəşəli, xırçın Gülnaz. O gəzinmişdi əzəldən başaçıq, Yoxdu ruhunda sönüklük, varlıq. Sadə quşlar kimi pərvasızdı, Yerə sığmaz uçağan bir qızdı. Ibtidai savad almış bu sənə, Say vurulmazdı sıcaq nəşəsinə… Aradan keçmədi bir öylə zaman Bu dönüş Gülnazı sarsıtdı haman. Səslənib evdə uğursuz bir zəng, Sardı ətrafı uzaq bir ahəng. Elçilər gəldi təbəssüm edərək, Dedilər: – "Ceyranı" lazım görmək; Çünki bizlərdə onun ovçusu var. Müxtəsər, elçi gələn arvadlar Gördülər xoşladılar qızcığazı, Baxdılar Gülnaza min kərrə azı. Bilmədən öylə nişanlandı ərə, Tutulub qaldı tükənməz kədərə. Aradan keçdi nəhayət iki il, İl deyil, hər biri bir dağ təki il. Gülnaz artıq böyümüş pək məğrur… Üz-gözündən saçılır şeir, qurur. Dedi bir gün Gülnaz: – Yaxşı, ana, Eybi yox mən ki, nişanlandım ona. Söyləyirlər ki, onun yox savadı, Bir yığıncaqda çəkilməzmiş adı. Bir də çox köhnə fikir sahibidir, Əski, pək əski adamlar kibidir. Məktəbə getməyə qoymaz ki, məni; Annə, bilməm ki, kim aldatdı səni. Bu yamandır ki, eşitməzkən adın, Məni sən gör kimə qoşdun, caladın! Annəsi: Bax, qızım, bax, olan olmuş, keçmiş; Bax, qızım, yaxşı deyil məncə bu iş. Doğru, yoxdur savadı, var parası; Olma gəl annənə, yavrum, ası. Gəl, quzum, sözlərimə bir qulaq as, Çıxma yoldan, çox ayıbdır, Gülnaz! Sənə göndərmiş ipək bir çarşaf, Öylə çarşaf ki, camalın kimi saf. Dur da bir sal başına, nazlı bacım, Qalmasın bəlkə bu könlümdə acım! Gecə səssizdi gülümsərdi qəmər; Yoxdu heç şeydə siyahlıqdan əsər. Vardı gözlərdə, könüllərdə gülüş, Dadlı bir çarədir hər dərdə gülüş. Yırtaraq ay gecənin örtüyünü, Məhv qılmışdı o zülmət yükünü. Hər tərəf parlaq, üfüqlər ləkəsiz, Yoxdu göylərdə buludlardan iz. Bu nəsihətdən olan şən Gülnaz Qəmli "ilul" kimi tutqundu bir az. Azacıq hər tərəfi sardı sükut, İndi Gülnaz mütəhəyyir, məbhut Düşünürkən, coşaraq qızdı baqın, Oldu sellər kimi darğın, daşqın, Dedi: – Annəm, bu qeydsiz hərəkət, Bilmədən yapdığın, adsız hərəkət, Nə üçündür, nə deməkdir, göstər! Bu nəsihət mənə aidmi məgər! Get zibilliklərə at çarşafını, Mənə qandırma uğursuz lafını. Mən nə çarşaf, nə də bir ər tanıram, Yalnız ən tazə əməllər tanıram. Məqsədimdir oxumaq, öyrənmək, Əməlim daim uçub yüksəlmək. Yox, bulandırma o sözlərlə məni, Süzmə, dur, şübhəli gözlərlə məni! Annə, keçmiş o nəsihət vaxtı, Çünki gəlmiş yeni söhbət vaxtı. Hünərin varsa bu gündən söylə, Məni aldatma çürük fikrinlə! Əsrimin mən gözaçıq yavrusuyum, Başqadır indi xəyalım, arzum. Oktyabr mənə vermiş qüvvət, Bir qızıl duyğu və bir ülviyyət Ki, onun sayəsi altında mənə Yeni insan gücü gəlmiş, annə! Xəbərin yox, annə, mən komsomolum, Tutduğun yoldan uzaqdır bu yolum. Bu yolun yolçusuyam mən, annə, Nə deyirsən bu işə sən, annə? Bax, yarın dərsimi ikmal edərək, Şövq ilə getməliyəm kəndə, bu pək, Pək müqəddəs əməlimdir, məncə… Bax, gərək kəndlərimiz ürfancə Açaraq şəhpər ucalsın fələkə. Məni sən anlamıyırsan bəlkə… "Bəsləmişdir məni qoynunda bu gün", "Bu günün hökmünü öyrən və düşün". Bitirib sözlərin artıq Gülnaz, Annəsin süzdü dərindən o bir az, dedi: Istəyirsən yenə azacıq danışım. Dedi aninəsi: Bu sözündən, bala, çıxmaz ki, başım! * * * Güzgü qayıtdı Mənim Ceyranım məktəbli bir qız Olur Bakının dağ hissəsində. Bu suyuşirin, bu qarayağız Qızın sinəsində Duyğusu dərin Yeni günlərin Şirin dalğalı ahəngi yaşar. Bu lətif ahəng ruhları oxşar. Girmişdir payız, yarpaqlar sarı... Mənim Ceyranım payız kibidir. Aləm axışır məktəbə sarı, O əsəbidir. Həyata qanıq, Ürəyi yanıq, Çünki Ceyranım yaşa dolmuşdur, Anası deyən “gəlin olmuşdur”. Qonşuda bir qız yaxdı özünü, Bir acı, soyuq, küləkli gündə Yeni həyata yumdu gözünü. Bu iş üstündə Ceyranın fəqət, Bundan bir ibrət Almadı yenə ata-anası, Qulaqlarında elin zurnası. Gəldi Ceyranı kim sevirdisə, Dilə tutuldu, “həri” alındı. Ceyran bilmədi, qapıldı hissə, Razı salındı, Məktəbi atdı. Dadına çatdı Bu zaman onun bir qız yoldaşı. Ceyran düşündü, çatıldı qaşı. Girmişdi payız... Ceyran neylədi? Elm ocağına getdi bir səhər, Öz ürəyini açdı söylədi... Uzaq bir şəhər, Burdan çox uzaq... Tiren alaraq Ceyranı atdı həmən şəhərə. Yerin altında gəzən şəhərə... El-gün yığıldı, məclis qurdular, Dedilər: “Ceyran Bakıda deyil” Bir ilan kimi qovrulurdular Onlar elə bil. Bir titrəyirdi, İnildəyirdi. Bu nə kələkdir, bu nə ədadır? Deyirlər Ceyran Moskvadadır. Avam anası tutuldu qəmə, Avam atası qaşını çatdı. Nifrət etdilər yeni aləmə. Güzgü qayıtdı... Oğlan evindən Qopdu bir şivən: – Yerə girəsən, a belə gəlin! Görüm ağ günə çatmasın əlin!.. Ceyran oxuyur... Moskvadadır. Bakıda gəzir... sərxoş adaxlı. Bu nə kələkdir, bu nə ədadır? Mən bu maraqlı Lövhəni aldım, Kitaba saldım. Başıma sanki mövzu qəhətdi... Adını qoydum: “Güzgü qayıtdı”. * * * Gözəllik Gözəllik əzəldən bütün ellərin Həvəslə qoşduğu bir şanlı qayə; Gözəllik ruhudur qızılgüllərin Bülbüllər üstünə saldığı sayə. Xoşdur gözəl görüb bütün elliyi Çalışmaq, yaşamaq, sevmək, sevilmək! Xoşdur xilqətdəki hər gözəlliyi Ürəkdən duyaraq anlaya bilmək! Ey bizim dünyanın ən birincisi, Mehriban gözəli, nadir incisi, Mən sevmişəm səni hər kəsdən əvvəl! Fəqət yabançıdır coşqun ruhuma, Elimə, ölkəmə, təbi-şuxuma Mənasız gözəllik, mənasız gözəl!.. * * * Həsrətli qarı Kürdüstan dağları döşündə bir yol, Bir yol ki, upuzun, bir yol ki, qıvrıq, Zümrüd ətəklərlə qapalı sağ, sol. Ayrıcında yolun bir qarı durmuş, Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. Baxır nəvazişlə ulu dağlara, Özündən ixtiyar, mutlu dağlara, Çulğamış üzünü sirrli bir hüzn. Varlıq xəbərsizdir onun halından, Günəşsə ağ saçlı bürclər dalından, Əl atıb, üzünü açır gündüzün. Bilinməz qəlbinin daşıdıqları, Yol çəkən gözlərlə bu məhzun qarı Doğrudan görəsən kimləri gözlər? Ey yolçu, ey çoban, ey havalı quş! Sizi bəkləməkdən artıq yorulmuş O qaynayan, axan diqqətli gözlər. İştə bir araba gəlir uzaqdan Müsəlsəl, qarışıq gurultulərlə. Bir tunc əksi-səda qarşıkı dağdan Söyləyir: «Qarını, durma, xəbərlə!» Yerində diksinib ixtiyar qadın Titrəyir, əsərək yarpaq vücudu. Almaqçın üstünü bir köhnə yadın, Bir fayton qarının önündə durdu. Faytonda oturmuş yorğun nəfərlər Bizim kənd və qəza işçiləridi. Söydilər: - Ana! Nəvar, nə xəbər? Qadın yolçulara ruhunu gərdi. Qovmaq istər kimi tutqun fikrini, Bir kirpik çalaraq, başını silkdi. Yolçular süzüncə biri-birini, Qadın gözlərini onlara dikdi… Könül dəftərini vərəqləyincə Saçıldı boşluğa xalis incilər. Başından keçəni incədən-incə Açdı yolçulara, dedi müxtəsər: Ay bala! On iki il bundan qabaq bir İmansız ayrılıq mana qurdu dam. Fələk dedikləri daş ürəkli pir Parlaq gündüzümü eylədi axşam. O zaman bir oğlum ayrıldı məndən, Oxumaq istəyib getdi Tiflisə, Sanki ruhum uzaq düşdü bədəndən, Qapıldı varlığım bir acı hissə. Dedim: - Getmə, bala, hənuz uşaqsın, Dünyanın işini bilən tapılmaz; İstərmisən göylər başımda çaqsın? İnsan olan bəndə hissə qapılmaz. Beş sənə oxudun, kifayət edər, Umudum sənədir, vaz keç səfərdən. Mənə kim baxacaq? Olma dərbədər. Nə qədər yalvarıb-yaxardımsa mən. Zərrəcə sözlərim etmədi təsir Oğlumun döyünən ürəkciyinə. Doğrudan analıq bir şey deyildir, - Cavan xatırına dəyməyib yenə. Titrəyə-titrəyə söylədim: - Oğul!… Get, artıq, səfərin uğurlu olsun! Tanrı niyazını eyləsin qəbul, Yolun al yanaqlı güllərlə dolsun! Mən onu canımdan artıq sevərdim, Bir an düşərdisə gözümdən iraq. Artardı həsrətim, artardı dərdim, Hər zərrədən onu edərdim soraq. Can bağımda qüdsi bir ağacəkdim, Nədənsə dadmadım bir şey barından. Mən onu gözləmiş, gözləyəcəkdim Yayın istisindən, qışın qarından. Buraxdı Tiflisi, sonra, deyirlər, Bir başqa dəryada yelkən açdı o. Bir yavru quş kimi düşdü dərbədər, Bilməm baş götürüb hara qaçdı o? Bu ucsuz-bucaqsız ellərə sordum. Sordum dənizlərə, coşdu dalğalar. Salxım-salxıməsən yellərə sordum, Gəzdirdim dərdimi diyarbədiyar. İçimdə qüssədən bir xəzinə var, Könlüm bir adadır qəm dəryasında. Açmasam dərdimi, kim bilir nə var Ömrümün qaranlıq macərasında? Könlüm dayanmadı,falçıya getdim, Çəkdi dırnağıma qərib bir şəkil; O şəkli bir qədər tamaşa etdim, Qarşımda bir xəyal olundu hasil. Əvət, dırnağımda gördüm oğlumu, Həp eyni paltarda, eyni biçimdə. Dərkən falçı mana: - Övladın bumu? Bir ilan qıvrıldı sanki içimdə. Şahsuvar,Şahsuvar! - deyib ağladım, İçimdə sızladı bir yanıq kaman. Darğın sular kimi coşub çağladım, Gözümdən od çıxdı, başımdan duman. Şahsuvardan bir az kiçik oğlumu Əsgəran davası aldı əlimdən. O gündən ixtiyar, xəstə könlümü Dünyaya xoş baxan görməmişəm mən. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl bilirsiniz. Dəyişdi kökündən dağ, dəniz, qaya, Dəyişdi hər qədəm, dəyişdi hər iz. Biz qonşumuz olan ermənilərlə Yaşardıq bir yerdə can-ciyər kibi. Kim tapdı davaya bilməm vəsilə, Bilməm «böyüklərin» nəydi mətləbi?! Dağıldı ölkələr, talandı ellər, Sonalar oylağı rımar oldu. Qəm tərənnüm etdi sevdalı dillər, Ellərin şənliyi xakisar oldu. Bizim halımıza tutuldu göylər, Buludlar belini büküb ağladı. Qəlbimi yatağan duyğular kəsər Zəhnimdə gəzdikcə keçmişin yadı. Hər duman bir ahdı, hər səs hıçqırıq O zaman ruhumuz gəlirkən dilə. İndi yeddi sənə oldu ki, artıq Qəlbimiz döyünür öz qaydasilə. İndi, ey bu yoldan ötən yolçular! Axı, burda mənim kimim, nəyim var? İndi mən bu halda neyləyim, ey dost? Qoy sizə dərdimi söyləyim, ey dost! Derlər, Şahsuvarım gəlmiş yaxında, Xoş günə çıxarmış onu ayrılıq. Hər kəs öz keyfində, öz damağında, Yerimdən oynadır məni ayrılıq. Derlər,Şahsuvarım bir böyük kimi İşləyir Bakının mədənlərində. Mənsə hicranını ağır yük kimi Çəkirəm ömrümün «rəhgüzərində». Hər gələndən onu soraqlayırkən İxtiyar canımdan bezgin çağımda. Keçən günlərimi varaqlayırkən Gülməyim də gəlir, ağlamağım da. İndi bu göydəki buludlar kimi, Qarşınızdan ötən bir ruzgar kimi O dilbər çay kimi burdan keçərkən, Salamlar aparın oğluma məndən. Söyləyin: yolunu sənin gözləyir Həsrətli gözlərlə dərdli bir qarı. Həp səni gözləyir, səni özləyir Qəlbinin qərarsız çırpınışları! Yolçular dedilər: - Qulaqlarımız Yaxşı xəbərlərə, açıqdır ana! Sifarişlərini yerli-yerində Gedib çatdırarıq, yəqin, oğluna. Dinləyib qarını incədən-incə, Azacıq bir zaman söhbət etdilər… Aradan bir xəfif ruzgarəsincə Getdilər, yolçular varıb getdilər. Yolçu yolda gərək! - deyə, atlara Dəydi ilan kimi iti qamçılar. Təkərlər torpağı cırmaqlayınca, Gözlərdən itmişdi bizim ixtiyar. İxtiyar gözlərdən itmişdi, ancaq Yolçular da varıb getmişdi. Ancaq, Leyla, Leyla! – deyəətrafa pəsdək Bir çoban türküsü yayılmadaydı… Sanki ilham alıb varlıq bu səsdən, Canlılar qəşş edib bayılmadaydı, Cansızlar uyqudan ayılmadaydı, ayılmadaydı!… * * * Həyat sevgisi Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, Ümmanı sarsıdır bir acı tufan, Bəyaz köpükləri bir çiçək yapan Şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çırağbanıdır, Bulud xəyalımın karıvanıdır, Səma ki, hissimin aşiyanıdır, Böylə bir səmadan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu, Yenə şairliyim başıma vurdu, Məndən məcnun kimi könül maraqla sordu: -Bu saçı leyladan necə əl çəkim? Xəzan acısına edib təhəmmül, Gülün kölgəsində ötəndə bülbül, Həyat, həyat!- deyə çırpınır könül. Könüldən, sevdadan necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən, Ey cavan qələmim, düşmə bəhərdən, A dostlar, söyləyin, mən bu hünərdən, Bu təbi valadan necə əl çəkim? * * * Həyəcan -HƏYƏCAN** -HƏR ŞEY COŞQUNDA...** Bu gün hər kəsdə böyük həyəcan var, Bu gün hər çöhrədə bir xələcan var. Hərlənir iştə beyinlər, başlar, Hərlənir şövq ilə dağlar, daşlar, Hərlənir ölkəmizin hər tərəfi, Qoca ərzin böyük işlər tərəfi. Hərlənir zərbəçi fabriklərimiz, Hərlənir qos-qoca elliklərimiz. Hərlənir şaxtaların qatları da, Hərlənir ordumuzun atları da. Hərlənir boylu buruqlar, dolanır; Buna xaricdə ürəklər bulanır. -QURULUŞ** Göstərib iştə beşillik planı, Sarsıdıb yıxdı kökündən cahanı Işçilər – ölkəmizin işçiləri. Çünki var bizdə mətanət kəsəri. Böyük işlərdə irəlilərkən biz, Hərlənir daxili düşmənlərimiz. Biz açarkən bizə düzgün yollar, Sürünür arxada “sağlar”, “sollar”. Biz Dneprdə yapırkən şadlıq, Dalğalardan dağa sərpildi işıq. Girişərkən işə Selmaş zavodu, Sardı “sağ cəbhə”ni heyrət, qorxu. Biz kəsərkən Arazın qarşısını, Kavur-arx pambığın ən yaxşısını Coşaraq, çağlayaraq verdi bizə, Qoca Kür “möcüzə” göstərdi bizə. Səsi gəldikcə çırağban Zahesin, Məncə bir məqsədi var hər bəhsin. O qədər çox ki, böyük işlərimiz. Onu nəql etməyə şeirim aciz... Bu zaman bizlərə ancaq Ən kiçik şeydə böyük şey aramaq. * * * Heykəl qarşısında O yerdə ki, bürclər düşgün nəzərlərilə Dalğın-dalğın baxıyorlar gəlib-gedənə, O yerdə ki, radio yeni xəbərlərilə Şən bəstələr dinlətiyor yoldan ötənə. O yerdə ki, tramvayın zil səslərilə Qarışıyor təbiətin gürültüləri, O yerdə ki, siliniyor – bir növ böylə – Ürəklərin təsadüfi döyüntüləri. İştə orda baxıyor bir canlı heykəl; Bir heykəl ki, dalmış köhnə düşüncələrə. Bir heykəl ki, çöhrəsində gizli min əməl, Fəqət daşdan nəzərləri dikilmiş yerə. Seyr ediyor sanki kəndi çevrəsindəki Qaynaq kimi qaynayaraq daşan həyatı, Seyr ediyor o, Kommunist küçəsindəki Özündən çox irəliyə qoşan həyatı. – Seyr et, Sabir! Bu seyr ediş haqqındır sənin, Çünki sən bu zamanı görmədən öldün. Seyr et necə dəyişmişdir işçi vətənin, Çünki, şair, muradına irmədən öldün. O zaman ki, Hadi coşqun şeirlərilə Söyliyordu çox parlaqdır istiqbalımız, Sənin könlün, fəqət məhzun şeirlərilə Deyirdi ki, yox, lağlaqdır istiqbalımız. Əvət, Sabir! Sən hər şeyi gördün və yazdın, Mühitini əks etdirdi tərənnümlərin. Təbiidir, sən şairdin, dinc duramazdın, Ona görə iynələrlə dolmuş əsərlərin. Sabir, fəqət bir gələcək məsələsində… Qapılaraq hissə bir az yanıldın gərək. Bilmədinmi yeni nəslin coşqun səsindən Bu iqlimə ildırımlar qanad gərəcək?! İndi burax düşüncəni, çevrənə bir bax, Bir bax necə ətrafında qaynıyor həyat… Uçmaq üçün hər kəsdə var böyük bir maraq, Çarpınıyor, sanki olmuş daş-divar qanat! * * * Hörmətli qəzetimiz Yadımdadır bu gün belə, Bir bəxtiyar sevinc ilə Könlümün ilk bəstəsini, Ruhumun nəşidəsini Oxuduğum əziz günlər. Mənə açdın qoynunda yer, Çılpaq, yetim duyğularım, Ümidlərim, arzularım, Sığındılar dərgahına, Atıldılar pənahına. Titrəyirkən, üşüyürkən, Çırpınaraq tövşüyürkən Gəncliyimin geniş qəlbi, Bir şəfqətli ana kimi İşıq verdin gözlərimə, Qüvvət saçdın dizlərimə. Uçmağa yoxkən uyarı Şeirimin süs qanadları Yalnız səndən qüvvət aldı. Aman könül! O nə haldı?! İlk nəşidəm çıxan zaman, Mən bir çocuq kimi haman Ətrafa salmışdım nəzər. Ah o günlər, ah o günlər!... Deyil mənə, ona, buna, Mənim kimi bir çoxuna Qüvvət verib, həycan verib, Sarsılmayan bir can verib. Uzun zaman cəmiyyətin Ən çıxılmaz və ən çətin Yollarına rəhbər oldun, Fikrimizə mehvər oldun... Bizə etdin böyük xidmət, Bizdən sənə min bir hörmət! * * * Xalı İşçi qız, toxuduğun o divar xalısında Heyran oldum ürəkdən işlədiyin sənətə, Bir gözəllik əsəri verdin bəşəriyyətə. Böyüklüyün çoxuna məchul ikən əvvəllər, Vurduğun naxışların, qız, ən bahalısında Meydana çıxdı bu gün səndəki böyük hünər. Qabarlanan o incə, o nazik barmaqların Birinin təəssüflə cəlb etsə nəzərini, Alqışlar tutacaqdır o baxışın yerini. İnan ki, qonaqların önünə çıxsa yarın, Xalında rəngi-ruhu solmayan o ulduzlar, Həm sənin, həm ölkənin göylərini yaldızlar. Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan! Bürüyəcək şöhrətin bu sənət meydanını, Ola bilməz çəkdiyin zəhməti gözdən salan. Birsən sənət yolunda candan keçən ərlərlə, Meydana buraxdığın böylə şah əsərlərlə Ucaldırsan ölkəmin şöhrətini, şanını. * * * Xitab Nə qədər istəsək boş yerimiz var, Canımız, qanımız, hünərimiz var. Əkilən pambıqlar hələ azdır, az; Bununla iş bitməz, əsla kar aşmaz! Pambıq əkinləri gərək çoxalsın, Qəlbimizdə gəzən həsrət yoxalsın. Kimsəyə olmasın ehtiyacımız, Bitsin həsrətimiz, bitsin acımız! Pambıq çoxaldıqca, fabrik canlanır, Kollektiv güclənir, birlik canlanır, Pambığın çoxluğu çoxluğumuzdur, Pambıq “çörəyimiz”, neft “suyumuzdur”. Hər pambıq tarlası düşmənə mədfən, Hər açılan qoza ona bir kəfən. * * * İllər İllər külək yürüşlü, Qartal qanatlı illər. Yaşayış yollarında Yəhərli atlı illər. Hər biriniz nümunə Dalğalı bir dənizdən, Ömrümüzün yelkəni Qayar üzərinizdən. Bizi bu cədəlgaha Atar-atmaz anamız, Başlar mühitinizdə Coşmaya fırtınanız. Bəlkə biz olmasaydıq, Siz daim adlı-sanlı Qoşardınız, nəşəyə Ürəyiniz nişanlı. Çobansız sürü kimi Başınız boş olurdu. Gündüzünüz fərəhli, Gecəniz xoş olurdu. İllər, bizi yoxluqdan Varlığa atan illər... * * * Duyğu yarpaqları 1 Mən bir yüksəlişin sevdasındayam, Siniflər döyüşü dünyasındayam. İnsanı, zəhməti qiymətləndirən Yaxşı adamların sırasındayam. 2 Mən gəncəm, bilirəm, istiqbalım var, Hələ bədr olmamış bir hilalım var, Yelkənim açılır, qara yel, əsmə! Mənim bu dəryada bir sandalım var. 3 Sinif qovğasına səfərbərəm mən, Əsgərlər içində bir əsgərəm mən. Bu dövrün şairi olmaqla, ey dost, Bir düşün, nə qədər bəxtəvərəm mən! 4 Atamız dünyadan eh dedi getdi, Tez sönən ömrünə meh dedi getdi. Gül əkdi, vay dərdi cahan bağından, Tökdüyü yaşlara şeh dedi getdi. 5 Bu Sovet elləri indi bizimdir, Gülşənin gülləri indi bizimdir. Dostum, aç sinəni, nəfəs al daha, Əsən dan yelləri indi bizimdir. 6 Bu sonsuz fəzalar bizimdir, ey dost! Bu dərin dəryalar bizimdir, ey dost! Səmada ulduzlar, yerdə çiçəklər, Ətirlər, ziyalar bizimdir, ey dost! 7 Uzaq üfüqlərdən yenə səs gəlir, Böyük inqilaba dadirəs gəlir. Təslim ol, deyirəm, faşist ordusu! Üstünə dağ kimi Dolores gəlir. 8 Canlanır gözümdə günəş yavrusu, Afrika arslanı – həbəş yavrusu, Dağlarmı boylanır qaz dumanından, Yoxsa azadlığın sərkəş yavrusu?! 9 Faşizm qəsqırtaraq sümsük itləri, Dalayır, talayır, məmləkətləri. Bu gün barışsa da yarın qapacaq Quduz Mussolini quduz Hitleri! 10 Bir məxluq var, işi dava-dalaşdır, Dartanlar, yırtanlar ona hamaşdır. Bu gecələr aya hürən zavallı, Ya Trotskidir, ya alabaşdır. 11 Dağıdın dünyanı saran sisləri, Bu müxənnəsləri, bu iblisləri. Vuruşub döyüşmək zamanıdır bu, Ey insan qəlbinin mühəndisləri. 12 Bəşər bir-biriylə qanlı bıçaqdır, Azadlıq anadır, dünya uşaqdır. Səfil övladını bu ana bir gün Öz isti qoynunda oxşayacaqdır! 13 Nədir hakim olub köküs dağlamaq, Əllərə, qollara zəncir bağlamaq? Yaslı bir ananın saçları kimi Nədir məhkum olub səssiz ağlamaq?! 14 Sülhün, səlamətin dadı başqadır, Qardaşca zəhmətin dadı başqadır. Bir günəş altında, bir yer üzündə Asudə qismətin dadı başqadır. 15 Hər yetən at sürdü meydan başında, Min oyun oynatdı dövoran başında. Gurlamaz bir daha bizim ölkədə İnsan ildırımı insan başında! 16 Görmüş xəzanları, ildırımları, Bir üzüm qaradır, bir üzüm sarı. Bu gün şadlığımı çalsın, çağırsın↵ Bülbülün mahnısı, Qurbanın tarı!↵ 17 Nə gərək, sormayın, nə soydanam mən, Əməkçi ellərə mehribanam mən. Yarpaqdan ayrılan, şəfəqdən qopan Dünyanın bəzəyi bir insanam mən. 18 Mən də bir bülbüləm ellər bağında, Ötürəm fikrimin şax budağında. Çıxıb zirzəmidən dinləyyir məni Kolxozçu qardaşım ağ otağında. 19 Cahan fikrimizlə süslənəcəkdir, Hər zaman nəğməmiz səslənəcəkdir. Bu dünya mehriban qucağımızda Şən bir çocuq kimi bəslənəcəkdir. 20 Xəyalım ölkəmin abadlığında, Könlüm el toyunda, el şadlığında. Əməyin, təhsilin, istirahətin Özgə bir nəşə var azadlığında. 21 Bizim bu devrimiz başqa devirdir, Əməkçi insanlar gözümdə birdir. Mənə ilham verən, şeir yazdıran Günəşin yoldaşı Mingəçevirdir. 22 İş bizə çox şeylər qandıracaqdır. Ölkəmiz cənnəti andıracaqdır. Ellər yüksəlişin al çırağını, Ey Kür, sahilində yandıracaqdır! 23 Ey bizim dünyanın söz deyənləri, Ruhun dodağına tutun neyləri! Bir nəğmə çalın ki, heyrətdə qalsın Bütün dövürlərin müqənniləri. 24 Gündüz işimizi tamamlayalım. Təki yaxşı yerdə axşamlayalım. Həyat qayığını sürüb iləri. Gözəl sahilləri salamlayalım! 25 İşləyib murada irəlim, gəlin, Hər daldan bir çiçək dərəlim, gəlin. Günəşin önündə bir çəmən kimi Fəyyaz ruhumuzu sərəlim, gəlin. 26 Axtarıb tapalım həmsöhbətləri, Dindirəlim şirin məhəbbətləri. Eşqi hiss edəlim qollarımızda, Gördükcə ölməyən lətafətləri. 27 Yoxdur, qəlbimizdə ölüm qorxusu, Verir həyatımız bahar qoxusu, Bizim ruhumuzun beşiyindədir Məhsuldar əməyin şirin uyqusu. 28 Səhərdir, üzülür can cananından, Öpüşüb ayrılır canan canından. Sürahi qəlbini doldurur hər kəs Altun fəcirlərin çağlayanından. 29 Göy bir məhəbbətə açıq qucaqdır, Sanasan ulduzlar körpə uşaqdır, Bizim gənc analar öz qucağında Çox böylə ulduzlar parladacaqdır. 30 Kim yanılıb deyir: ömür masaldır, Bir şirin uyqudur, bir xoş xəyaldır? Hər an təbiəti gözəlləndirən Bu insan tükənməz bir kapitaldır! 31 Əl çək bir dəfə də öz acığından! Üz çevir gördüyün murdar yığından! Bir az da danışsaq heə yaman olmaz, Bizim dövrümüzün yaxşılığından. 32 Qardaşım, bunu da yaz dəftərinə, Get mənim dilimdən çatdır yerinə: Ölsün bü dünyada xain çıxanlar Ordenli Bəstinin alın tərinə! 33 Yaşasın dünyada ulu qəlbimiz! Böyük arzularla boylu qəlbimiz! Nəşəmiz, qayğımız, ehtirasımız, Büllur bir cam kimi dolu qəlbimiz! 34 Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir quşdur xülyasız şeir. Gözəlsiz, çalğısız, məclisə bənzər Məzmunsuz, ahəngsiz, ədasız şeir. 35 Dünən bir şairin keçdim yanından, İldə bir söz çıxmaz xəsis canından. Eşqi, ehtirası olmayan, yetər, Çıxsın birdəfəlik söz meydanından! 36 Şairə ilhamdan maya gərəkdir! Anasız socuğa daya gərəkdir! Şairəm söyləyir yerindən duran, Adamın üzündə haya gərəkdir! 37 İstər bəstəkar ol, istər nəqqaş ol, Şair ol, rəssam ol, heykəltəraş ol, Yaratdığın şeyi sevərək yarat, Hamıdan yüksək ol, hamıdan baş ol! 38 Könül, səndə yenə həyəcanmı var? Uçub qalxmadığın asimanmı var? Söylə, sənin kimi bu asimanda Tufan rəqqasəsi bir tərlanmı var? 39 Hər tərəfdə quran toy-busat mənəm, Ulduzlarla edən ixtilat mənəm. Mənim azadlığım qucağa sığmaz, Yer mənəm, göy mənəm, kainat mənəm! 40 Yazmaram, ürəyim sizi anmasa, Sizin eşqinizlə alovlanmasa El kəsib qarşımı burdaca sordu: Gözdən yaş çıxarmı ürək yanmasa? 41 Qönçə açılarmı, bahar olmasa? Şölə titrəyərmi, ruzgar olmasa? Bu nəğmə ruhumdan qoparmı, bilməm, Mənə ilham verən dostlar olmasa?! * * * İrəli İləri, Bakının zərbəçi ərləri! İləri, yeni neft planı Sarsıtsın cahanı! İləri, yeni ruh, yeni can, Bu uzun həyəcan Bakıyı qaplasın, Qəhrəman divləri bir yerə toplasın! Ey işçi, sən necə saqlısan buruqda, bu ruhda Mən dəxi şeirimdə saqlıyım. Qoy məni tanıyan şeirimdən tanısın, Ey şeirim, sən mənim işimin canısın. Gediriz. Gediriz. Getməyir, uçuruz. Uçuruz. Uçmayıb, bir şimşək olub da çaxırız, Axırız-axırız! Keçmişin üzünə sillələr vuraraq axırız. Möhtəşəm yarını quraraq axırız. * * * İşidir Xeyr, hörüklərin deyildir ilan, O əski şairlər söyləmiş yalan, Məni xəyal kimi ayağa salan O coşqun dalğalı telin işidir. Bunu yaxşı bilir tanış yolçular, Nə sən günahkarsan, nə mən günahkar. Bu ovçu könlümə verməyə qərar, O zərif qamətin, belin işidir. Müşfiqəm, sözümdə tapılmaz yalan, Gözündür könlümü odlara salan, Qəlbimi ovlayıb, canımı alan, O bülbül nəğməli dilin işidir. * * * 28 aprel Mən əzilən bir sinifin hayqıran, Haq bağıran sədasından yarandım. Ölümlərin pəncəsində hıçqıran Məzlumların nəvasından yarandım. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yoldan alınmasın sorağın. Bir günəşin, bir məsləkin, bir aşqın Ən həqiqi mənasından yarandım. Yeni eşqi, yeni zövqü yaratan, Yeni dünya qurmaq üçün can atan, Yeni sazın tellərini çınlatan Beynəlmiləl havasından yarandım. * * * Kəsir Var bu gün bolluca benzində kəsir, Buna lazım quralım bir tədbir. O deməkdir ki, bu, biz işlərkən, Düşəcək qollarımız qüvvətdən. O deməkdir ki, bu göylərdə bizi Gözləyirkən yeni dünya bəhsi, Bir kilid bağlanacaq ağzımıza. O deməkdir ki, bu benzin dursa Işləyən hızlı saatlar duracaq; Fabrikin qəlbi də tənbəl vuracaq. Benzinin varlığıdır varlığımız, Benzinin darlığıdır “darlığımız”. Benzinin çoxluğudur “çoxluğumuz”, Benzinin yoxluğudur “yoxluğumuz”. Güçlənirkən günü-gündən qolumuz, Bəs azalsın nə üçün petrolumuz? Benzin olmazsa bizim divlərimiz Qalacaqdır hərəkətsiz, səssiz. Benzinin azlığı yaxud duruşu O deməkdir ki, siniflər vuruşu Bu geniş ölkədə “sakitləşəcək”, Qolçomaqlar bizə “üstün gələcək”. Yox, sinif duyğusu sönməz, sönməz! Atılan ox geri dönməz, dönməz! Benzin artarsa, iş artar, çoxalar, Ölkədə yüksəliş artar, çoxalar. Benzinin qüvvətidir qüvvətimiz Benzinin sürətidir sürətimiz. Birləşib coşsa əgər qüdrətimiz Və çəlikləşsə dəmir vəhdətimiz, Məncə, benzində xətər qalmayacaq Və kəsirdən bir əsər qalmayacaq! * * * Kəndli və ilan Qaranlıq örtülərin İçində dərin-dərin Uyuyan yorğun gecə Xoruzlar ötüşüncə, Diksinərək oyandı, Yandı dan yeri, yandı. Ulduzlar axdı keçdi, Həsrətlə baxdı keçdi. Kirəmidləri bayquş Qanadından qoyulmuş Daxmalar üzə çıxdı, Yollar gündüzə çıxdı. Ağaclar sərin-sərin Əsən xəfif yellərin Titrədi nəfəsiylə. Quşların nəğməsiylə Ətirlədi hər yeri Sabahın çiçəkləri. Kənddə ucaldı səslər; Qalxdı, alçaldı səslər. Həyat bir qanad çaldı, Kəndi səs-səmir aldı. Qalxdı çoban ayağa, Sürünü yaydı dağa; Çaldı bir incə bəstə. Kəndlilər dəstə-dəstə Kənddən uzaqlaşdılar; Əkinə yaxlaşdılar. Fəqət əkin, nə əkin... Hamının ruhunda kin... Oraq keçməyir işə, Hamı düşmüş təşvişə: “Bu il aclıq olacaq, Gül yanaqlar solacaq”. Deyə söhbət edirlər, Tez-tez fikrə gedirlər. Sünbüllər qarış-qarış... Hər nəzərdə yalvarış... “Allaha pənah” deyə Baxırlar sağır göyə. Ordan bir səs gəlməyir; Ruhları yüksəlməyir. Hamı kədərli, həzin... Sürünüb dizin-dizin Yolurlar sünbülləri; Qabarlanmış əlləri. Getdikcə göydən günəş, Yağdırır yerə atəş. Hamı qan-tər içində, Dərin dərdlər içində. Boyda-buxunda uca, Çolpan adlı bir qoca Buraxdı tarlasını; Gələcəyin yasını Qəlbində duya-duya, Başında qara xulya, Bir az dincəlsin deyə Endi sərin dərəyə. Əvət, gözəldir dərə, Gözəldir bu mənzərə. Gözəldir çağlayaraq Qıvrılıb axan irmaq. Gözəldir bu çiçəklər, Bəzəkli kəpənəklər Gözəldir bu ötən quş- Bir çiçəyə vurulmuş. Gözəldir yerdə otlar, Göy üzündə bulutlar. Gözəldir dağ, daş, orman, Gözəldir, əvət, hər yan. Fəqət Çolpan qəmlidir, Baxışı şəbnəmlidir. Bu gözəlliklər onu, Onun sınıq ruhunu Aça bilməyir fəqət. Onun bu il təbiət Kəndli qəlbini sıxmış; Əməyi boşa çıxmış. Çolpan bir az dincəldi, Yenə tarlaya gəldi. Sürünüb dizin-dizin, Çalışdı həzin-həzin. Nə gördü birdən, aman!... Qarşısında bir ilan... Bir az geri çəkildi. Baxışları dikildi Heyran-heyran ilana, Adam vuran ilana. İlan onu görüncə, Qıvrıldı incə-incə. Çolpan vurmaq istədi, Ürəyində “yox!” dedi. Vaz keçdi acığından, Sonra dağarcığından Aldı bir parça çörək, Əsərək, titrəyərək, Atdı ilana sarı. Ilan da ona sarı Atdı böyük bir qızıl, Çolpanın parıl-parıl Yandı solğun gözləri; Yaşla dolğun gözləri Oynadı sevincindən. Taxılların içindən Parlayıb xışıl-xışıl, Qayıtdı getdi ilan, Gör, nələr etdi ilan... Artıq günəş üfüqdə, Sarı, solğun boşluqda Gülürdü lalə kimi, Qızıl piyalə kimi. Buludlar dəlik-dəlik, Qurubda bir pənbəlik... Üfüq çox düşüncəli, Xilqətin gizli əli, Yerə yayır kölgələr; Dumanlanır ölkələr... Sakitdir şəffaf sular, Gümüş kimi saf sular. Tutularaq kədərə, Dalğınlaşır dağ, dərə. Bu axşm Çolpan ancaq Üfüqlərə dalaraq, Gözü, könlü sevincək, Evə dönür gülərək. Sabah adəti üzrə Şəfəq altun tüllərə Bürünüb gülən zaman Ayağa qalxdı Çolpan. Yenə getdi biçinə; Əkinlərin içinə Girərək həzin-həzin, Sürünüb dizin-dizin, Yolurdu sünbülləri. Qabarlanmış əlləri... Günış qızınca yenə Çolpanın gözlərinə Haman ilan göründü. Yavaş-yavaş süründü İlan Çolpana sarı. Çolpan da ona sarı Qorxa-qorxa əsərək, Atdı bir parça çörək, İlan qıvrıldı birdən, Çolpana atdı həmən, Bir parça sarı qızıl. Çolpanın parıl-parıl Yandı gözləri, yandı. Xəyalı işıqlandı. Parlayıb işıl-işıl, Sürünüb xışıl-xışıl, Qayıtdı getdi ilan, Gör nələr etdi ilan... Ha belə bir neçə gün Sirrini düşündüyün İlan ilə Çolpanın, Çolpan ilə ilanın Sevdası davam etdi, Bunu hər kəs eşitdi. Bir gün Çolpanı artıq İşdən qoydu xastalıq. Xəstəliyi ağırdı; Öz oğlunu çağırdı. Dedi:- “Mehriban oğlum, Sözümə baxan oğlum! Sabah sən get əkinə. O ilan gəlsə yenə, Saqın, toxunma, çünki Evimizə bu günki Şənliyi verən odur, Bizi güldürən odur. Gəlsə, çörək verərsən, Gülər üz göstərərsən”. Sabahı, bilsəydiniz, Onun oğlu Eldəniz Necə gəldi biçinə, Say yoxdu sevincinə. Sonra çıxdı dağlara, Baxdı şən irmaqlara. Ətrafı seyrə daldı, Bir müddət orda qaldı. Yerlər, göylər açıqdı; İlan yuvadan çıqdı; O, qızmış, qıvrılırdı, Yazıq oğlanı vurdu. Gün keçdi, axşam oldu, Hər şeyin rəngi soldu; Hər tərəf kölgələndi, Qaranlıq endi, endi. Eldəniz harda qaldı? Hankı diyarda qaldı? Xəstə atası Çolpan Ürəyində həyəcan Baxdı uzun yollara, Qərib, məhzun yollara. Qaranlıq endi, endi, Atası şübhələndi... Ay doğdu çiçək-çiçək, Ulduzlar titrəşərək, Gecəyə can verdilər, Bir həyəcan verdilər... Qoca Çolpan bir neçə Kəndliylə getdi tezcə Əkinlərinə sarı. Göyün işılqanları Ətrafı partladırdı, Onun qəlbi atırdı. Eldənizddən xəbər yox, Izindən bir əsər yox... Bu gücə qoca Çolpan Ruhunda cahan-cahan Ayrılıq sitəmləri, Bir cür açdı səhəri. Erkəndən həzin-həzin Dərdilə Eldənizin Sinəsi qalxdı, endi, Gəzdi bir neçə kəndi. Eldənizdən xəbər yox, Izindən bir əsər yox... Dağ başında bir çoban: “yazıq, zavallı Çolpan Görsə, ürəyi çatlar”, Deyərək, çəkdi bir car. Kəndlilər dəstə-dəstə Dırmandı qaya üstə. Gəldi təlaşlı Çolpan, Gözləri yaşlı Çolpan. Başladı fəryadına, Sarıldı övladına. İşini bilən ilan Çıxmadı yuvasından. Çolpanın qəlbi yandı, Bir ocaq kibi yandı, Dedi:- “İlan ilandır, İnsanlığa düşmandır. Ağı bir, qarası bir... Hamsının yarası bir...” Sonra sabah erkən Bu dəhşətdən göynəyən Kəndlilər dəstə-dəstə Çıxdılar qaya üstə. Ürəklərində təlaş, Əllərində yaraq, daş... Qıvrılaraq bu ilan Çıxarkən yuvasından, Tez üstünü aldılar, Başına daş saldılar. Doğradılar, əzdilər, Tək görə bilməzdilər Əlbəttə ki, bu işi. Bağırdı Çolpan kişi: “Qayanı yıxmalıyız, Ağ günə çıxmalıyız”. Çarpışıb haftalarca Qayanı parça-parça Doğradılar, tökdülər, Yerli-dibli sökdülər; Üzə çıxdı xəzinə. Kəndlilərin gözünə, Yeni bir işıq gəldi; Şadlıq səsi yüksəldi; Sevindilər, güldülər, Xəzinəni böldülər. Çox zaman Eldənizin Dərdilə həzin-həzin Yanıb inildədilər, Nifrət olsun,- dedilər,- Zəhərli ilanlara, Xalqı aldadanlara! Coşdular, titrədilər, Nifrət olsun, - dedilər,- Yoxsulları aldatan, Ömrünə xələl qatan, Şahlara, sultanlara, Dövlətli ilanlara! * * * Kimidir Sevgilim əyninə yaşıl geyinmiş, Sallanışı sərvi-çəmən kimidir. Bu bənzətmə bir az üzdən olsa da, Tamaşa görkəmi səmən kimidir. Nə arzu eyləsən, könlümdə vardır, Eşqimin səhəri bir ilk bahardır. Ona könül verən nə bəxtiyardır, Fikrim-hissim təzə gülşən kimidir. Müşfiqin ürəyi yarpaqdan incə, Titrəyir bir xəfif rüzgar əsincə, Məşuqun ayağı haraya dəysə, Orası aşiqə vətən kimidir. * * * Könlümü Şimşək kimi buludları qovaraq, Verdim parlaq çiçəklərə könlümü. Günəş kimi qaranlığı boğaraq, Verdim odlu diləklərə könlümü. Cavan ömrüm bir mum kimi sönərkən, Yüksəklərdən alçaqlara enərkən, Əməllərim bir səraba dönərkən, Çaxıb verdim şimşəklərə könlümü. O zaman ki, sahib oldum qanata, Bir quş kimi nəzər saldım həyata, Etdi məni gənclik şövqüm əhata, Verdim sərxoş küləklərə könlümü. * * * Könlümün dedikləri Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki… Böyük günlər, şanlı günlər, şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır! Hələ bunlar nədir ki… Mənim könlüm deyir ki, Həyat ondan küsənləri incidər. Möhkəm dəzgah, şirin əmək, inci tər Hələ qarşımızdadır! Babam derdi: "Keçən günə gün çatmaz!" Mənim könlüm bu sözlərə heç yatmaz. O düşünüb deyir ki, Hələ bunlar nədir ki… Ay işığı, dolu ürək, yaşıl bağ, Qızğın günəş, sərin çeşmə, qarlı dağ Hələ qarşımızdadır! * * * Küləklər Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər! Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər! Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların şehindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçaram dağlara, Könlümdə nə varsa, açaram dağlara! Gurlayın, ilhamım, sənətim gurlasın! Fırtınam, qasırğam, qüdrətim gurlasın! Şimşəyim parlasın, zülmətim gurlasın! Ey məni sərazad bəsləyən küləklər, Bir dağın başından səsləyən küləklər! * * * Küsmərəm Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan, Kirpiyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm, səndən küsmərəm! El içində bizə derlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm! * * * Qadın Yoldaş, səfalətin uçrumlarından Səni ilk qurtaran böyük xilaskar, Yoldaş, səadətin uçrumlarından Ən dadlı səslərlə bizi haraylar. Sənin unutduğun ilk məhəbbəti, O saxlar qəlbinin ən boş yerində, İnsanın tükənməz əbədiyyəti Çiçəklənir onun sinirlərində. Söylə, şirinlikdə, hansı fidanda, Hansı gülüstanda, hansı cahanda, Ey yoldaş, ey qadın, sənin varın var? Harda, ey xalqımın böyük yarısı, Anası, bacısı, qızı, qarısı, Bizdə olan kimi ixtiyarın var?! * * * Qədim Bakı Qaçmayır irəli, qaçamaz! Qırılmış şəhpəri, uçamaz! Keçməyir günləri binamaz. Canamaz üstündə kəsilmiş taqəti; Vird etmək adəti. Getməyir qabağa, Yürüşü bir bağa yürüşü... Həyatı, görüşü pək əski bir Bakı. Başının ağası Ingilis darğası. Ey Murtuz, ey Nobel, Bir daha bağlamaz sənə bel buralar! Biz bayram edərkən ürəyin aldımı yaralar? O hansı zamandı, Hər tərəf dumandı O gecə?.. Başında bir sarı düşüncə, Sarıydı əyninin paltarı, Gəzirdin bulvarı. Kaspinin üzündə oynaşan dalğalar, qaynaşan dalğalar, Əsdikcə giləvar Oynardı bulvar. Oynardı “ovlar”, oynardı “zadələr”, “Zadələr” önündə qırılmış badələr.. * * * Qədim Karvan Gündüzlər çəkilmiş, gecələr çökmüş, Buludlar qoynunda sanki bir gümüş, Dərili qanğuru yavrusudur ay. Iştə yol ucundan çıxdı bir alay. Poslası ulduzlar olan bir karvan, Içdiyi sarı su, yediyi yavan. Sarvanlar uyqulu, dəvələr yorğun. Nədir bu heçlikdə bu gülünc oyun?! Torpaq yaraları ayaqlarında. Yazın istisində, qışın qarında Saqlı üzlərində düşkünlük qəmi, Ürəklərində bir xəzan axşamı, Qarşılarındakı dənizlər sərab, Ümidlər şikəstə, əməllər xarab, Rahatlıq bilmədən yürür bu karvan. – Karvan, bitməyəcək yollarla davan! Yürü, – deyir ona göydə buludlar, – Yürü, – deyir ona hər əsən ruzgar. Ilan nərələri: – yürü, – der ona, Sərablar çəkmədə onu qoynuna. Karvan, yazıq karvan, budur, su yoxdur, Bu çöldə dağların qoxusu yoxdur. Yanıq alınlarda bir acı röya, Çınlayan bir çatlaq çan səsi guya Hər göz qarşısında bir “cənnət” açar Yolçular ayılar, uyqular qaçar. İştə bu çan səsi, ah, bu çan səsi, Bu çanın ruhlara ruh saçan səsi, Bu quraq çöllərdə şəfqətlə çağlar. Ulduzlara gülər, gecəylə ağlar. Hıçqırar, boğular, nəhayət ölər. Siyah bir girdaba düşər, gömülər. Gecələr, gecələr, susuz gecələr, Çılğın küləkləri quduz gecələr! * * * Qafqaz Bu dağlar, göylərdə oynayan bu dağlar, Bağrında filizlər qaynayan bu dağlar... Buludlar rəqs edər bunların başında, Döşündə guruldar çayların nərəsi; Hər zümrüd yamacı, hər yaşıl dərəsi, Min cövhər gizləmiş ən kiçik daşında. Həp sənsin deyilmi olanım, olmazım, Qafqazım, Qafqazım, qazanclı Qafqazım. Bu yüksək dağların nöqsan var nəsində Qaynarkən mədənlər atəşli köksündə. Nefti var, qazı var, boranı, qarı var, Şənlədir zavodda, fabrikdə hər kəsi, Bakının buxtası, Tiflisin Zagesi. Sabunçu uğuldar, Riyonges guruldar, Istərim bunlarla çınlasın avazım, Qafqazım, Qafqazım, qazanclı Qafqazım. Meşələr, o ləpir görməyən meşələr, kimsəyə könlünü verməyən meşələr... Çəlikdən mişarlar gözləyir, deyilmi?!. Al kəmər taxalım bunların belinə, Gürcüstan söyləyir: hər daşqın selimi, Alınız, veriniz çarxların əlinə. Olmasın kimsədən minnətim, niyazım, Qafqazım, Qafqazım, qazanclı Qafqazım. Sardıqca dağları voltlarla günəşlər, Altında xalqımız bir yeyər, bir işlər. Bir zaman gələcək, hər yerin olacaq Aləmə xoş gələn rəngbərəng bir dekor. Haçadil atların dəmirdən olacaq, kolxozun sürdükcə zəmidə traktor, Şişəcək kür çayım, coşacaq Arazım, Qafqazım, Qafqazım, qazanclı Qafqazım. Ey bu gənc dağların biqərar yolçusu, Qanadlan! Çalındı yüksəliş borusu. Ey cənub tərlanı, döyünsün ürəyin, Yılmadan havalan bu alı dağlara, Dərəsi, təpəsi bahalı dağlara. Bir sabah olarkən qızıldan dirəyin, Səslənib duracaq əlində şən sazım, Qafqazım, Qafqazım, qazanclı Qafqazım. * * * Qaya -BAŞLANĞIC** Dostlar, gəlin sizə mən bir həyatdan, Başqa bir aləmdən, bir kainatdan Açım bir maraqlı, həqiqi səhnə. Endir, ey xəyalım, ey fikrim, yenə Özünü həyatın dənizlərinə! Ordan dəyərli bir sədəf yerinə Əlinə keçsə də bir çınqıl daşı, – Sevindirmək üçün yarı, yoldaşı, – Bu da bir əməkdir, bu da bir işdir, Tarix ki, duz-çörək itirməmişdir. Döyün, ey ürəyim, döyün dəmbədəm! Alovlan, ey kağız, alış, ey qələm! -I** Yirmi üçüncü il, mayis günləri… Göylərin yosması o gözəl pəri Odlu baxışlarla axır, süzülür, Axşamkı ayazın canı üzülür. Olduqca nəşəli bir incə gündüz, Sabir bağçasında bir neçə öksüz… Yayılmış aləmə Qayanın səsi. Nə qədər şirindir bu el nəğməsi! -Q a y a** Gözəl səhər, gözəl hava, Zalım ovçu çıxdı ova. Ceyranımı qova-qova, Atdı vurdu, qan eylədi, Çatdı vurdu, qan eylədi. Ceyranımın gözü şəhla, Onsuz keçər günüm ahla. Zalım ovçu min günahla Vurdu ürkək ceyranımı, Ruhu ipək ceyranımı. Ay pusquda yatan ovçu, Yaman güllə atan ovçu, Əli qana batan ovçu, Artıq yetər, qan eyləmə, Bu qədər tufan eyləmə! O xalq müəllimi, qoca qəhrəman, Keçərkən bağçadan daldı bu səsə. O bilik mədəni, o böyük insan Daldı düşüncəyə, qapıldı hissə. Oturdu ən yaxın bir iskəmləyə, Onlara bir dərin həsrətlə baxdı. "Sonu nə olacaq bunların?" – deyə, Həsrətlə, diqqətlə, heyrətlə baxdı. Qaya oxuyurdu, Mişka çalırdı, Biri oynayırdı şirin "Qaytağı". Müəllim bir acı ləzzət alırdı, Nədənsə tutqundu qaşı-qabağı. O, bir heykəl kimi durmuş yerində, Keçirir gözündən qorxunc şəkillər. Sonsuz fəlakətin dənizlərində Bu əl-ayaq çalan kiçik səfillər, Sən ey çocuqluğun şanlı rəhbəri, Yoxsa var bunlara sualın sənin? Qarşında çırpınan bu tifilləri Haraya çəkməkdir xəyalın sənin? Hankı bir həvəslə ey bilik əri, Bunlara könlünü verməyə gəldin? Bu başsız, bu sınıq təknəcikləri Hankı bir sahilə sürməyə gəldin?.. Bayaqdan oynayan, qışqıran, çalan, Çılğın nəğmələri göyə ucalan, Bu dəstə tərpənib qalxdı yerindən, Müəllim onları süzdü dərindən. -M ü ə l l i m** Bala, o şərqini söylə, mən yazım. Rica eyləyirəm. -Q a y a** Rica nə lazım? (Yoldaşlarına) Uşaqlar, siz gedin, mənim işim var. Lakin son yeriniz olmalı bulvar! (Qaya bir-bir dedi, yazdı müəllim.) -M ü ə l l i m** Başqa bir nəğmən də varmı? -Q a y a** Nə bilim… -M ü ə l l i m** Yaxşı o nəğmə də qalsın sonraya Sənə bir sualım vardır, ay Qaya! Atadan, anadan söylə nəyin var? -Q a y a** Çoxdan gömülmüşdür torpağa onlar, Üzlərini belə görməmişəm mən. -M ü ə l l i m** Harda yaşayırsan, nə iş görursən? -Q a y a** Bir az yaxşı deyil işimin adı, Bir cür keçirirəm mən də həyatı. -M ü ə l l i m** Məktəbə getməyə həvəsin varmı? -Q a y a** Ay əmi, heç onu soruşarlarmı? Bax, mənim məktəbim bu küçələrdir. Aldığım təlimsə sizə zərərdir! Mənim teatroya çox marağım var! Böyük çarpışmalar, qızğın davalar İnsan sürdüyü ömrü andırır, Adamın qanını alovlandırır. Yenə keçən gecə "Iblis"ə getdim, Bilsən nələr gördüm, nələr eşitdim! Orda bəyəndiyim bir yaxşı söz var: "Biz dağlara hökm edən krallar". Mən kiməm? Küçələr kralı Qaya. Aşiqəm kinoya, həm teatroya. -M ü ə l l i m** Səni teatro qəmləndirirmi? -Q a y a** Mənim bu ürəyim daşmı, dəmirmi? Mən də bir insanam, qəlbim, qanım var. Vücudumda sel-sel həyəcanım var. Bir gün yolum yenə düşdü "Aydın"a, Bir kimsə qalmamış onun qaydına. Məni doğrudan da ağlatdı Aydın, Sən də dayanmazdın, orda olaydın. Eh… Aydın dəlidir, o lap uşaqdır, İşi gecə-gündüz sızıldamaqdır. Tökür acığını makinələrə! Sıxıb yumruğunu vuruş bir kərə! Onun qapıldığı boş-boş xəyaldır, Məncə, Dövlət bəyin qanı halaldır. Əkşi, qurban olum bolşeviklərə! Onların ipini eşdi bir kərə. -M ü ə l l i m** Sən ki bu şeyləri bilirsən, niyə Bir son qoymayırsan bu səfilliyə? -Q a y a** Mən öz ürəyimi sıxa bilmirəm, Bir tordur düşmuşəm, çıxa bilmirəm. Bir də yoldaşlarım, yaranlarım var, Onlarla əhdim var, peymanlarım var. Bilirəm bu yolun sonu qazıqdır, Bu yol yolçuları hamsı yazıqdır. Nəysə, bir şey bizi yeyir qurd kimi, Ömrümüz tez keçən bir bulud kimi. Bu yolun sonu bir qorxunc enişdir, Bu da bir həyatdır, bu da bir işdir. -M ü ə l l i m** Heç savadın varmı? -Q a y a** Bir azacıq var. Qoymadı artırım bizim bu dostlar. Bir gun bu Kommunist küçəsində biz Gördük dövrəmizdə iki-üç milis, Surüylə qabağa saldılar bizi; Çocuqlar evinə aldılar bizi. Bilirsən, insanlar başqa-başqadır; Ordan öncə qaçan bizim Mişkadır. Bu aləm olmuşdu bizlərə zindan, Bir neçə yoldaşım qaçdı sonradan. Mən qaldım iki il, oxudum bir az, Deməklə hamsını qurtarmaq olmaz; Sonra yoldaşları böylə görüncə, Əkildim oradan mən də bir gecə. -M ü ə l l i m** Ay oğul aləmə yaxşı nəzər qıl, Sən gəl bu dəstədən biryolluq ayrıl! Onların gözünə görünmə bir də. -Q a y a** (düşünərək) Bir gün çürüyəcək ömrüm Sibirdə. Bilirəm bu həyat, bilirəm nədir, Bir qanlı meydandır, acı səhnədir. -M ü ə l l i m** Bilirsən, uzaq ol, axırın heçdir. Topla iradəni, sanma ki, gecdir. Bax, mən müəlliməm, dinləsən məni, Aparıb qoyaram məktəbə səni. Bu çirkin işlərə bir son qoyarsan, Orda həm işlərsən, həm oxuyarsan. -Q a y a** Qoy bir fikirləşim. -M ü ə l l i m** Yaxşı, fikirləş. Ancaq yaxşı düşün, yaxşı fikirləş! Adresim də budur… bizə gəl sabah. Açarkən mən sənə bir yeni şəhrah, Böyük insanlara qarışacaqsan, Onlarla həyatda yarışacaqsan. Qızğın səfalətin çoraq çölləri, Dalğa-dalğa axan bu selləri. Çox çəkib özünə məhv eyləmişdir, Həyatda çoxları səhv eyləmişdir. Xəta əl verməmiş bu insanlığa, Sürükləmiş onu pərişanlığa. Oğul, al əlinə ixtiyarını, Bu müdhiş aləmin kabuslarını Əlinlə, ağlınla sil gözlərindən, Həyatı düşünüb anla dərindən. Sabah gəl mənimlə gedək bərabər, Qaranlıq yoluna doğsun günəşlər. -II** Müəllim gözlədi, Qaya gəlmədi. Deyən faydasını yenə bilmədi. Müəllim gözlədi, kim bilir, Qaya Qapılmış hankı bir qara sevdaya. Nə qədər gözləsin müəllim yazıq? Edir gövdəsinə qəlbi ağırlıq. Müəllim gözlədi, bir ay gözlədi, Qayanın özündən haray gözlədi, Dil-dil ötən Qaya, düşünən Qaya Deyən müəllimi almadı saya. Müəllim keçdiyi yollara baxır, Qayanın həsrəti könlünü yaxır. O, on beş yaşında nələr bilməyir? O hansı sahədən xəbər bilməyir. Bilir işlədiyi xətasını da, Bilir bu dünyanın mənasını da. Ovlamış Qayanı böyük oğrular, Böyük oğrulara olmuş əlaltı. Yaxşı gəliri var, yaxşı pulu var. Pul içində üzür onun həyatı. Şəhərin ən dərin bir bucağında Yaşayır bu kiçik səfil bəxtəvər. Onu bir mum kimi tifil çağında Keçirmiş əlinə pərgar həriflər, Onun ürəyində bir ikilik var, Qəlbi qüssələnir bu ikilikdən. Bilir bu aləmə tanış olanlar, Onun iradəsi sərtdir bu çəlikdən. Bir dəfə özünə desəydi: "Əl çək!" Bilirəm, bu yola düşməzdi bir də. Gülərdi üzünə böyük gələcək, Dərdini çəkməzdi onun şair də. Yeni insanlardan uzaqdır Qaya. Gündüz "iş"dən çıxıb, uzun gecələr Gedərkən kinoya, ya teatroya, Evə qayıtdımı, nə bilməcələr, Nə hisslər almayır onun ruhunu?.. Gördüyü səhnələr, şəkillər həmən Şanlı bir aləmə çağırır onu. Deyir öz-özünə: "Nə alçağam mən!" -III** Qayanın böylə bir keçmişi vardı: Xızı dağlarında onlar yaşardı. Deyirlər, atası kənddə çobanmış, Nədənsə hirsindən bədəni yanmış. Sürüdən üç qoyun satmış bir dəfə, Yoldaşlı dağlarda dalmışdır kefə, Bu işdən ağası xəbər tutunca, Üzünü, gözünü çox turşudunca, "Haqqımı satmışam" – deyə köpürmüş. Ağası ondakı üsyanı görmüş, Ordaca bir güllə çaxmış başına, Qıymış bu dağların can yoldaşına. Qaya gəlməmişdi onda dünyaya, Buludlar qoynunda bənzərdi aya. Köməksiz anası tökərdi qan-yaş. Bir sabah ruhunda duydu bir təlaş: Qaya bir dürr kimi doğdu dənizdən, Bir yardım görmədi keçmişimizdən Kimsə anasına əl uzatmadı, Fəryada yetmədi, dada çatmadı. Qaldı qapılarda qadın, ağladı. Axırda ürəyi vərəm bağladı. Zavallı körpəsi əllərdə qaldı, Itkin maral kimi çöllərdə qaldı. Bu həyat Qayanın ilk həyatıdır, Bu səfil insanın ilk həyatıdır. -IV** Tufanlı bir gecə, qarlı bir gecə, Toplanmış bir evə yenə gizlicə Mehriban səfillər, kefləri çağdır, Kart masa üstundə daraq-daraqdır. -Q a y a** Ürəyim sıxılır, uşaqlar, artıq Gəlin yığışdıraq, bəsdir oynadıq, Burdanca bərabər gedək kinoya. -M i ş k a** Zəhləmizi tökmə, bəsdir, ay Qaya! -Q a y a** Teatro necədir? -M i ş k a** O, bundan da pis. Görürsən qızışıb yenicə məclis! -P o l a d** Pul çıxar! -M i ş k a** Ver bangi! -P o l a d** Pul çıxar. Birdən qızışma! -M i ş k a** Deyirəm sənə, ver! (Mişka uduzmuş, Boğazı qurumuş, dili qurumuş, Çıxmışdır gözləri hədəqəsindən.) -P o l a d** Qızışma, bu adam qorxurmu səndən? Şaraq… Guruldadı bir acı sillə. Düşdü məclisə bir dərin vəlvələ, Şaraq… bir mis səsi çınladı yenə. Dostlar bir-birinin düşdü üstünə, Parladı bıçaqlar, zağlı finkələr; "Aman, zalım!" – deyə düşdü bir nəfər. Bu vuruşanları aralayandı, Bıçaq sinəsinə heçdən dayandı. Indi məclisdə bir dərin hüzün var, Fəqət sanmayınız barışacaqlar. Bunların acığı göylərə sığmaz. Polad da quşbazdır, Mişka da quşbaz. Ağlama, dərdini çəkdiyim Qaya. Nə çıxar boş yerə bu ağlamaqdan? Bir pərdə çəkməsən sən bu dünyaya, Oda düşəcəksən bir gün nahaqdan. Səni də gözləyir belə bir bıçaq, Səni də gözləyir bir qəmli dəstə. Alacaq səni də bu qara torpaq, Həyata doymadan sinəsi üstə. Sizin ki, daim gülsəniz belə, Bir matəm süzülür sevincinizdən. Sizi ki, bir ölüm iztirabilə Bir qurd gəmirmədə öz içinizdən. Ölümlə qurtaran bu gecəsindən, Bu səfil həyatın nəticəsindən İyrənib evinə qayıdan Qaya, Dalmış bir uğurlu dərin qayğıya. Həmən müəllimi yadına salmış, Başını möhtəşəm xülyalar almış. "Kişini gözlətdim o zaman", – deyə, Qapılmış çox dərin bir bədbinliyə. Anır bu can deyən yoldaşlarını, Sonra qan-qan deyən yoldaşlarını. Anır, bu aləmə nifrət eyləyir, Nifrəti getdikcə şiddət eyləyir. Anır, ürəyinə başqa şey gəlir; Görürsən gözündən onun hey gəlir Keçir yığın-yığın belə səhnələr: Fitnələr, ölümlər, nələr, eh nələr… Qaya öz-özünə düşünür ağlar, Onu bu dəhşətə bağlayan bağlar Görəsən, bir kərə qırılacaqmı, Qaya bu dəstədən ayrılacaqmı? -V** Qaya, səfil Qaya tutulmuş artıq; Xəyalı çalpaşıq, fikri dağınıq. O, bəzən özünü boğmaq istəyir, "Bu rəzil həyatdan nə çıxsın?" – deyir. Xayır, ey küçələr kralı Qaya! Ey yorğun, qanadı yaralı Qaya! Bir dəfə əl çəkib sən keçmişindən, Islahat evində olan işindən Bərk yapış, o səni hər düşüncədən, Əzabdan, qayğıdan və işgəncədən, Qurtarar. Bu gözəl, geniş dünyaya Bir yeni ürəklə gəlib, ay Qaya, Yaşarsan mehriban bir insan kimi, Böyük qurğu quran bir insan kimi. Qovdu ruzgar kimi illəri illər, Dəyişdi zamanlar, döndü fəsillər. Bir gün bahar oldu, bir gün qış oldu; Qaya o dəstədən ayrılmış oldu. İşlədi, oxudu, Qaya yüksəldi. Bir gün müəllimlə üz-üzə gəldi. -Q a y a** Görünür ki, məni tanımadınız, Günah sizdə deyil, məndədir yalnız. Mən səfil Qayayam, qoca müəllim! Ey adı göylərdən uca müəllim! Xatırında varmı, neçə il əvvəl Olduqca nəşəli, olduqca gözəl, İlıq oxşayışlı bir bahar günü, Sabir bağçasında açıb könlünü Dedin: "Bu dünyaya yaxşı nəzər qıl, Gəl sən bu dəstədən biryolluq ayrıl!" İndi o həyatdan ayrılmışam mən, Qından qılınc kimi sıyrılmışam mən. -VI** Bir gün bir döngədə bir neçə yoldaş Yenə şirin-şirin aşıq atırlar. Hamsının ruhunda dərin bir təlaş, "Cay!" – deyib, "Cuy!" – deyib marçıldayırlar. Gəncliyin o gözəl, ilk yaşlarında, Bunlar səfalətin qurbanlarıdır. Sərsəm ruhlarında, dik başlarında Qaynayan keçmişin yadigarıdır. Ayağı altında bu adətlərin Həqir torpaq kimi əriyir onlar. Tutub ətəyindən fəlakətlərin Bir ölümə doğru yürüyür onlar, Bunların başçısı köhnə Mişkadır. Ucaboy, qaraşın bir oğlandır o, Hər ipdə oynayan, hər şeyə qadir, Qaya kimi böyük bir tufandır o. Budur, yanlarından keçdi bir nəfər, Qoltuğunda qalın, qiymətli cildlər. Onun şimşək kimi çaxan gözləri, Uzaq xəyallara baxan gözləri Parlaqdır göylərin çiçəklərindən; Birdən Mişka durub qalxdı yerindən; – Ay uşaqlar, Qaya!.. – Kim? – Bizim Qaya!.. Hamı təəccüblə baxdı o taya. Atılan aşıqlar qaldı yerində, Hamsının heyrətli nəzərlərində Çırpıntı bir maraq, uçdu bir maraq. Vardı bu heyrətdə böyük təmtəraq. Mişka bir quş kimi sıçradı qaçdı, Köhnə həmdəminə ruhunu açdı. -M i ş k a** Mən ölüm, bəri gəl, Qaya, ay Qaya! Bu qədər xor baxma bizim dünyaya. Bunlar bütün sənin yarın, yoldaşın, Mərdümgirizlikdən biryolluq daşın! Yenə gəl, yenə get, ayrılma bizdən, Bu saat nə keçir ürəyinizdən, Deyiniz, hazıram! -Q a y a** Mişka, çox sağ ol! Artıq bambaşqadır tutduğumuz yol, Artıq aramızda bir uçurum var. Mənim ayrı dərdim, ayrı yolum var. Daha mən sizinlə barışa bilməm! Sizin sıranıza qarışa bilməm! -M i ş k a** Neçin? -Q a y a** Neçinlərin cavabı çətin, Mən sizi çulğayan bu fəlakətin Bir zaman üzərək çirkablarında, Səfalətlərində, əzablarında. Nələr eşitmədim, nələr görmədim? Orda yaxşılıqdan əsər görmədim. -M i ş k a** Canım, nə yaxşılıq, budur yaxşılıq… (Əlini cibinə vurur.) -Q a y a** Xayır, keçmiş ola bu şeylər artıq, Siz onu özünüz qazandınızmı? Heç onu çalarkən utandınızmı? Bu, bir işdən çıxan sinəsi tərli, Keçmişi zəncirli, paslı, kədərli Sevincək evinə dönən dulundur; Ya əli qabarlı bir oğulundur. O səni qarğıyır bu saat evdə, Sən bu səfaləti ürəklə sev də, Baxalım nə olur sonu? -M i ş k a** Ay Qaya! Bu qədər bənd olma çox da dünyaya. Bu sabah girimə düşmüşdü bir "yağ", Hələ görməmişdim böylə bir "ayağ", Nəhayət soyaraq buraxdım onu. Soyulmaq deyilmi həyatın sonu? Mişkanın əlindən varmı bir qaçan? Sonradan əlimə keçdi bir "siçan", Bəlkə bu son sözü unutmuşsunuz, Çünki siz bambaşqa yol tutmuşsunuz. Müxtəsər, bu şirin bir ixtilatdır. Bu da öz yolunda bir cür həyatdır. Beş günlük ömründə kefə bax, kefə, Kim gəlmiş dünyaya ikinci dəfə?!. -Q a y a** Sizin çəkdiyiniz bu kef zəhərdir, Sizi içinizdən yeyir, əridir. Neçin boş baxalım beş günlük ömrə? Bir anlıq həyat da ölümə görə, Məncə qiymətlidir, məncə dadlıdır. Həyatın hər anı quş qanadlıdır. Sizə bu nəşəni, zövqü verən də, Sizi sərxoş edən, əyləndirən də Həyatda çırpınan diləkdir, fəqət Bu dilək kirlidir, bu dilək səqət! Qaranlıq çökürkən gözlərimizə, Dostlar ağlayaraq, baxarkən bizə, Güclə ayrılırız bu şən dünyadan, Ulduzlu dünyadan, gülşən dünyadan. -M i ş k a** Qaya, yadındamı, vaxtilə sən də, Bizimlə birlikdə keflər çəkəndə, Bir gözəl yanıqlı şərqi oxurdun? (Qaya məlul düşünür.) Neçin fikirləşib don kimi durdun? Xatırında yoxmu? -Q a y a** Xeyir. -M i ş k a** Bu saat. Çağırım oxusun qoy cunquş Murad. -(Mişka Muradı çağırır.)* -M u r a d** Gözəl səhər, gözəl hava, Zalım ovçu çıxdı ova… -M i ş k a** Ay çanım, onu yox, o birin oxu, O qədər ruhumu oxşamayır bu. -Q a y a** Neçin bu mahnıya xor baxırsınız? Görünür ki, sizi dünyada yalnız, Ölümlü kəlmələr maraqlandırır, Qan deyən nəğmələr maraqlandırır. Öyləmi? -M i ş k a** Arxadaş, öylədir, öylə. Hər günüm keçməsə bir vəlvələylə, Gen dünya başıma dar gəlir mənim, Sanki baharıma qar gəlir mənim. Oxu, Murad, oxu, o birin oxu! O qədər ruhumu oxşamayır bu!.. -M u r a d** Mən bir quşam, yox vətənim, Yoxdur sevib istəyənim. Atam-anam kimdir mənim? Bu dünyada, bu dünyada, Dərd əlindən gəldim dada. Bir oğlanam, güclü, qoçaq, Qoltuğumda qanlı bıçaq. Məni öz dostum satacaq, Bu dünyada, bu dünyada Dərd əlindən gəldim dada. -Q a y a** Əvət, öz dostunuz satacaq sizi, Qana döndərəcək ürəyinizi. Siz öz içinizdən çürüyürsünüz, Bir axşam döyünən polad köksünüz Bir bıçaq altında əriyəcəkdir. Sizi bir heçliyə sürüyəcəkdir Tutduğunuz bu yol, bu dəhşətli yol, Bu sonu uçrumlu, fəlakətli yol. (Əl verib küsküncə ayrılır.) -B i r i** Ay canım, bəri gəl, o bir kənəkdir, Işi molla kimi vəz eyləməkdir. Sən də ki, günahkar bir uşaq kimi… Əsirsən önündə bir yarpaq kimi, -M i ş k a** (hayqıraraq) Beş günlük ömründə kefə bax, kefə, Kim gəlmiş dünyaya ikinci dəfə? -VII** Çox zaman şəhərin küçələrində, Bəzən axınların toplu yerində. Həmən mişkalara yoldan keçəndə, Oxucu, baxırsan diqqətlə sən də. Hər məchul səhnədə oynayır bunlar, Həyatın ruhunda qaynayır bunlar. Sanki bizim lisan onlara dardır, Özlərinə görə dilləri vardır. Mişkanın mənzili qır tiyanları, Qaynayan şəhərin dar dalanları. Çocuq həyatını bu yolda sürdü. O gah tutulurdu, gah döyülürdü. Bir dəfə Mişkanı tutdular yenə, Apardılar onu çocuq evinə. Pozuq azadlığa alışdığından, Zavallı ruhuna bir qara zindan Kimi dar göründü tərbiyə evi, Saxlamaq olmadı bu yetim devi. Bir axşam qəfəsi qırıb da qaçdı, Qaş-daş həyatını alıb da saçdı Bu boş azadlığın çamurluğuna. Bəzi yoldaşları uymadı buna. Onlar oxudular, adam oldular, Bir kəhkəşan kimi cığır buldular. Oxucu, dediyim sanma xəyaldır, Buna qəhrəmanım Qaya misaldır. Indi gəncliyini keçirir Mişka, Zənnimcə yaşlıdır Qayadan bir az. Onun yolu başqa, bununku başqa, Biri tələbədir, digəri quşbaz. Yenə də Mişkanın qanı qaralmış, Uçmuş, qayıtmamış bir göyərçini; Rəngi heyva kimi solmuş, saralmış, Yeyir ürəyinin bütün içini. Bu gün xəbər tutmuş filan yerdədir, O, söylənən yerə gəldi sevincək, Onun quşcuğazı yad əllərdədir, Bilir ya verəcək, ya verməyəcək. -M i ş k a** Mənim göyərçinim uğramış sizə. -P o l a d** Bəli, göyərçinin uğramış bizə. -M i ş k a** Verin! (Polad gülür kinayələrlə. Mişkanın ürəyi yanır kədərlə.) Gülmə arvad kimi, ver göyərçini! (Bu sözlər Poladın kəsir içini.) -P o l a d** Get burdan, əcəlin tamam olmamış! -M i ş k a** O yan-bu yan etmə, ağıllı danış. Çox da öz-özünə havalanma sən! Yanımdan yel olub ötə bilməzsən. -P o l a d** Çənə döyüşdürmə mənimlə, get, get! -M i ş k a** Gəlmişəm, kişisən, nə bilirsən et! -P o l a d** Qan tutmasın səni, sovuş başımdan! -M i ş k a** Çox uzun danışma, bu sən, bu meydan! (Poladın gözləri iki ocaqdı, Bıçaq şimşək kimi əlində çaxdı.) -P o l a d** Al bu göyərçinin, al daha bir də Sənə qonub gələr quşun qəbirdə, Saplandı yazığın bıçaq içinə, Mişka qurban getdi bir göyərçinə. Mişkanı aldılar xəstəxanaya, Ordaca qaraldı gözünə dünya. O kimdir Mişkanın başı üstündə? Bir kədər buludu gəzir üzündə. Könlündə çırpınış, gözlərində yaş, Xəyalında təlaş, ruhunda təlaş. O kimdir varlığı qüssəli, yaslı? O ruhu titrəyən, o ağ libaslı, Təcrübəyə gələn tələbə kimdir? O bizim Qayadır, yarın həkimdir. Bu axşam olduqca qəmlidir Qaya, Əcəba, yenə də düşünür nələr? Yenə dalmış kimi dərin xülyaya, Dolanır gözündə hansı səhnələr? Edir gövdəsinə başı ağırlıq, Muztərib dolaşır öz otağında. Yandırıb paprosu çəkmədə sıq-sıq, Bir xəyal dolaşır qaşqabağında. Bu xəyal ömrünün ilk sarvanıdır, Ona bir deyəcək sözü var kimi, Gəlib keçmişini ona tanıdır. Tutulur çöhrəsi son bahar kimi. Bayaqkı səhnəmi bu hala salmış Ürəkdən sevdiyim bu qəhrəmanı? Neçin ovlağından enib dolanmış Bu yeni dünyanın nəşə tərlanı? Ay Qayam, adına yaraşmayır heç, Bağrını əridən acı dalğalar. Gəl bu düşüncədən, bu qayğıdan keç, Könlünü döyməsin bu qasırğalar, Bir də bu qurduğun evə-eşiyə, Bu əlvan otağa yaraşmaz kədər. Nədir salan səni bu ilişiyə? Nədir alnındakı qəmli ləpələr? Xəyal göllərində yorma kəndini, Bir sərab kimidir acı keçmişin. Yersiz xülyaların qır kəməndini, Əlində natamam qalmasın işin. Haydı, hünərini dostlara bildir, Sənin bir uğurlu gələcəyin var. Qurduğun qurğuya əngəl deyildir İçindən çürüyən, ölən mişkalar. -SON** Ey keçən dostlarım, yazıq səfillər, Mən də sizin kimi bir neçə illər Ümmanlar üstündə başsız, pərişan, Acı dalğalarla yersiz çarpışan Bir qərib təknəyə bənzər kimiydim, Qayəsiz yollarda gəzər kimiydim. Nə ata çağrışı, nə ana səsi, Bunların gül kimi lətif busəsi Ruhuma ətrini saça bilmədi. Mənim çocuq dərdim heç əksilmədi. Ah, nələr çəkmədi bu qərib başım, Dəydi daşdan-daşa müztərib başım, Bir sabah əlimə keçdi bir kitab… Aldı çaynağına məni inqilab. Nə üçün baxalım bir də arxaya? Sinəmdəki dağın biridir Qaya! * * * Qoşma Qadın, gözlərinin oynaq xəyalı Dönüyor qarşımda yenə cin kimi, Baxdıqca ruhumun qaynar məlalı Sənin qəhqəhəli sevincin kimi. Səndən əsrin kimi şəfqət uzaqmış, Ruhuna zülmətin selləri aqmış. Laçın gözlərindən odur ki, sarqmış Ürəyim bir yavru göyərçin kimi. Ovçuluq əsrimi əsrin, ey qadın?! Söylə övladısan hanki səyyadın? Sən gözlərinləmi yoxsa ovladın Göyərçin qəlbimi bir laçın kimi. * * * Qurban olduğum Bilməm, məni neçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoxsa özgəsinə üzünü tutmuş, Yeni sevdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gedəndən; Dedilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat etdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sevgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O xoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Eşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən neçin oyanmaz, Şirin röyasına qurban olduğum? * * * Qurban (Mikayıl Müşfiq) Bu qədər baş vermə, səməndər, yaza, Düşərsən ayağa, başına qurban. Yazığam, ömrümü vermə güdaza, Qəmzəli gözünə, qaşına qurban! Bir qara buludam uca göylərdə, Bu qara baxtımla bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə, Nərgiz gözlərinin yaşına qurban? Sinən billur kimi, altında daş var, Bilməzsən könlümdə nə iğtişaş var, Nə qədər ki, mənim gözümdə yaş var, Olsun ürəyinin daşına qurban! * * * Nigar Eşq olsun o titrək baxışlarında Açan çiçəklərə, açan güllərə. Eşq olsun bu coşqun gənc yaşlarında Açdığın səmimi şirin dillərə. Sənsən şeri mənə ilham edən, yar, And olsun tapdığın varlığa, Nigar! Mən səni gördükcə böylə sərazad Yorğun qanadlarım çırpınmaq istər. Gəl keçən dəmləri etməyəlim yad. Çalış varlığını aləmə göstər! Sevincin üzündə olsun aşikar, Gülsün bəslədiyin əməllər, Nigar! Uf, andım keçmişi, yarıldı bağrım, Çökdü gözlərimə süslü bir xəyal. Qarışdı hafizəm, qazandıqlarım Oldu bir uçurum, bir dərin məlal. Gördüm qadınlığı möhnət əsiri, Köləlik əsiri, minnət əsiri. Çevirdim üzümü bu günə baxdım, Könlümə bir bahar nəşəsi doldu. Ey Şərqin gözəli, üzünə baxdım, Qəlbimə bir çocuq həvəsi doldu. Gördüm qadınlığı kitab əsiri, Ülviyyət əsiri, rübab əsiri. Bu gün gülümsədi əsirlər boyu Bir bulud ardında qaralmış üzün. Bu gün buraxaraq çəhli, uyquyu, Səsləndi qəlbində canlanan hüzün. Sən atdın çarşafı, dərdin azaldı, Bürünmək uğursuz keçmişə qaldı. Deyirlər sarılıb diləklərinə, Zəhmətə məftunsan, bir aşıq kimi. Əmək bağçasının çiçəklərinə Əllərin dolaşır sarmaşıq kimi. Bəzən süzülərək gözlər, o gözlər Yol çəkib uzaqdan nə xəyal özlər? Doğrudur, şerimin ürəyində, yar, Çırpınır hüznlü xəfif bir qanat. Ey div addımlarilə yüksələn diyar, Fikrini xalqımın zövqilə parlat! Çünki mən deyiləm yalınız müqəssir, Məni dərdə salmış o köhnə əsr. Qələm coşdu, sözüm qaldı ürəkdə; Odur ki, şerimin dəyəri yoxdur. Oxuyan gülərək söyləyəcək də "Müşfiqdə şairlik əsəri yoxdur!" Xoş gündür çıxalım üz-üzə, Nigar! Sən nə söyləyirsən bu sözə, Nigar? * * * Nə deməkdir? Çoxdandır çalınmayır divardan aslı tarın, Tutqun bir ürək kimi telləri paslı tarın, Ey mehriban sevdiyim, gurlayacaq, yoxsa yox?! Mən bilirəm, sənin ki, bir qəlbin var sədəfdən, İçindəki incilər saçılıb hər tərəfdən, Dodağında şərqilər parlayacaq, yoxsa yox?! Sən iclasdan gəlirsən, məni də yormuş kitab, Nə dayanmaq vaxtıdır, iştə tar, iştə mizrab, Nə gözəldir nəğmələr qanadında ucalmaq!.. Həyat işdir, döyüşdür, səadətdir, əməkdir, Bilə-bilə bunları dayanmaq nə deməkdir?! Nə deməkdir dünyada tez qarıyıb qocalmaq?! * * * Neft Dün şövq ilə mədənləri gəzdik; Çox baxdı buruqlar bizə dik-dik. Bilməm nəyə durmuşdu buruqlar? – Dolsun – deyə bir anda oyuqlar! Şən zərbəçilər mədəni sardı, Mədəndə nöyüt azlığı vardı. Sarsıtdı bu azlıq bizi dərhal, Mədəndə coşub kükrədi avral. Hər guşədə bir “aləti-zaye”, Baxdıq çürüyüb olmada zaye. Bir yanda nöyüt axmada bomboş, Bir işçi oturmuş kimi sərxoş, Hər bir şeyə baxmazdı, nəhayət, Verdik ona bir zərbəli töhmət. Bir işçi durub söylədi birdən: – Qalsınmı nişan köhnə kəsirdən? Neft olmasa fabrik necə işlər? Neft olmasa gəlməz vecə işlər! Neft olmasa gurlarmı traktor? Yoldaş, bunu kolxozçuya bir sor! Neft olmasa işlərmi zavodlar? Parlarmı ocaqlardakı odlar? Neft olmasa kükrərmi Zaheslər? Neft olmasa yoxluq bizi səslər! Qarşımda bəyaz çöhrəli qış var. Neft olmasa parlarmı baxışlar? Beşilliyi yarısında bitirmək, Hər əngəli şiddətlə devirmək, Əlbət, bu günün oğluna bağlı, Əlbət mənə bağlı, sənə bağlı, ona bağlı! * * * N.Ostrovski üçün Dağlarda, daşlarda bir qartal kimi Sarpdı yorulmadan qanadın sənin! Tufanda çarpışan bir sandal kimi Keçdi cəbhələrdə həyatın sənin! Min dəfə ölümün yanından keçdin, Qızıl şəfəq kimi qanından keçdin, İnqilab yolunda canından keçdin, Zəkandan kəskindir inadın sənin! Ey böyük sənətkar, ey böyük əsgər! Bu şərəfli həyat dünyaya dəyər! Bağırır ardınca ölkələr, ellər: Bərkimiş, bərkiyir "poladın" sənin! * * * Mil düzü Bir düz ki, fərq etməz xəyalın gözü, Hər daşı bir çılpaq qərib öksüzü, Məlul çöhrəli bir dulu andırır; Insanın fikrini dumanlandırır. Ey illər uzunu çiçəksiz, otsuz, Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz, Ilanlar yatağı olan Mil düzü! Yabançı əllərdə qalan Mil düzü! Bilsən nələr keçmiş başından sənin, Qəmgin torpağından, daşından sənin! Bir kimsə etməmiş sana mərhəmət, Salmamış üzünə “sayəyi-rəhmət”. Göylərin buludu sana yabançı, Günəşin telləri sırtında qamçı. Boş yerə yağmış da qarın, yağışın, Bir alov kəsilmiş baharın, qışın. Kimsə anlamamış faydanı sənin, Alan olmamışdır qadanı sənin. Odur ki, kədərin başından aşmış, Yazıq, bilməmişəm ürəklər daşmış. Insanlar nankormuş tarix boyunca, Çalıb çağırdığın yoxdu doyunca. Dolanmış başına dönmüş fələklər, Əsmiş uzərindən çılğın küləklər. Tarixdən büsbütün adını silmiş, Sana hər çapavul yağı kəsilmiş. Şırıldarkən Araz yaxınlığında, O zalım da qalmış öz qılığında. Zavallı halına o da yanmamış, Bir parça səninçin dalğalanmamış. Bəzən üzərində tikanlı otlar Göyərmiş, çoxuna vermiş umudlar. Ellər köç eyləmiş, sürülər gəlmiş, Qoynunda bir quzu səsi yüksəlmiş. Bir səs ki, zülmətdə ağlayan bir səs... Bir səs ki, həzindən çağlayan bir səs... Bir səs ki, yoxluğun üstündə ölmüş, Yenə o, yoxluğa batmış, gömülmüş. * * * Maral Dolaşma sıldırım sal qayalıqda, Daşlar ayağını əzər, maralım! Gəl səni bəsləyim gözümün üstdə, Etmə aşiqindən həzər, maralım! Diksinə-diksinə qıya baxanda, Səksənmə könlümü oda yaxanda, Çeşmeyi-çeşmindən nurlar axanda. Qaynar bulaqlara bənzər, maralım! Səyyarə tutmuşdur hüsnündən soraq, Bədnəzər gözündən olasan iraq! Köksümdə gəl gizlən, getmə çox uzaq, Hicran dağlarını gəzər, maralım! * * * Məhəbbət Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıxarıb oynatmadınmı? Mən ki nəğmə deyib bənövşələrdən Peşəm zövq almaqdı bir şux dilbərdən, Məndən uzaq gəzib, dolanıb hərdən, Qəlbimi sıxmağa can atmadınmı?! Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın belə. Müşfiqin qəlbini tez alıb ələ Onu röyalardan oyatmadınmı?! * * * Mənim çağlayanım O gündən bəridir dəyişmiş rəngin, Dəyişmiş büsbütün rəngin, ahəngin. Səndə gurultulu bir çağlayan var, Bu dönməz çağlayan durmadan axar. O durmadan axar, dağ-dərə bilməz, Qüvvəti daima artar, əksilməz! Üstünə od yağsa, gətirməz xətər, O həyatla başlar, həyatla bitər. Mənim çağlayanım axmış, axacaq, Hər yerdə bir bəyaz iz buraxacaq. Mənim çağlayanım çağlayır, dinlə, Bolşevik gücünün qətiyyətilə. Mənim çağlayanım kolxoza axır, Dağların selini heyran buraxır. Mənim çağlayanım xəyalım kibi, Bəzən sakit axır, bəzən əsəbi. * * * Mənim eşqim Nə ağırdır mənim eşqim, nə ağır, Bu ağır siqləti çəkməz divlər. Ey könül! Burda təhəmmül göstər, Nə haray çək, nə acıqlan, nə bağır. İldırım çaxdıracaq hər yandan, Azacıq dolsa buludlarla səma. Bu dənizlər də çocuqdur, baxma, Sarsılır hər qopacaq tufandan. Mən fəqət kəndimi hiss etdim şad, Çəkmədim eşqin əlindən fəryad, Bu da hər davranışımdan bilinir. Gözlərin, ah o qaranlıq göllər, Bu gözəl göllərə çox dalsam əgər, Hər ağırlıq ürəyimdən silinir. * * * Mənim dostum Zuvanddan gəldiyi bir ay olardı... (Onun bir dumanlı keçmişi vardı). Bulduğum bu qoçaq, yeni qəhrəman Olmuş xəyalıma, fikrimə mehman. Dostumun şöhrəti Nəsib ağaydı, Köhnə müəllimdi, adı Sadaydı. Göycə mahalının bu nəcib oğlu Bir gün Gürcüstana gedilən yolu Tutaraq, Qoridə almışdı təhsil, Mənim qəhrəmanım xəyali deyil. Bir müddət buraxıb Azərbaycanı, Elmlə bəzədi Türkmənistanı. Qorxunc cahan hərbi nərildəyincə, Dünya bir-birinə çaxıb, dəyincə, Gəlincə ölkələr pəncə-pəncəyə, Mənim qəhrəmanım qaçdı Gəncəyə. O bir müəllimdi; o zaman gərək, Dostum bir firqəyə verəydi ürək. Lakin bu şeylərə yaxın durmadı, Siyasət uğrunda qafa yormadı... “Müəllim babayam, mana nə firqə? Mənim yolum başqa, məsləkim başqa. Rəngdir bu dunyada hər firqə bir şey, Əlinə düşəni ordaca bas, ye!..” Deyə qəhqəhəylə gülürdü dostum, Uğunub, gülməkdən ölürdü dostum. Ölkədə inqilab nərəsi qopdu... Köhnə əqidələr, sanmayın, hopdu Yerin nəhayətsiz dərinliyinə... Yaşayırdı əski insanlar yenə... Bəzən məndən uzaq, bəzən yanımda Yaşayırdı mənim qəhrəmanım da. Ancaq, keçmişdən söhbət düşürkən “Eh!” – deyib dizinə vurur ürəkdən. Sovrulan bir aha dönür sözləri, Kəlləsinə çıxır xırda gözləri. “İndi müəllimlik hamballıq demək, Havaya sovrulur çəkilən əmək.. Keçmişdə müəllim ağaydı, ağa!..” Deyərək, gedərdi xeyli uzağa. Gözləri yıldızlı bir yaz gecəsi, Xəfif küləklərin şirin ləhcəsi Bir ney dili kimi açılan zaman Dallarda yarpaqlar əl çalan zaman Bir evdən gəlirdi nəşəli səslər, Nəşəli səslərdə sıcaq həvəslər... Büllur qədəhlərin öpüşməsini, Kaman naləsini, tar nəğməsini Ürkmüş dinləyirdi, gecə yolları, Gecənin kimsəsiz incə yolları. – Çal! Dönüm gözünə! – Çal! – Ay qız, oyna! Qurban olum sənin uzun boyuna! Ala! Bu çervonlar, ala bu pullar! Ala! Zibil kimi; nə dərdimiz var? Maarif şöbəsi sağ olsun, canım, Tək xiffət çəkməsin mənim ceyranım, Deyərək, qədəhin getdi dibinə. Əlini salarkən yenə cibinə, – Saday, yetər, yetər!.. Qalxdı bir nəfər. – Bu qədər özünü itirməz insan! Onun söz tutmayan dodaqlarından Bir sərxoş qəhqəhə qopdu, yayıldı, Yuxudaymış kimi, birdən ayıldı. Bu sayaq, Gəncədə işlədi, dostum... Bir sabah qəzetdə, olduqca məşum, Uğursuz bir xəbər oxudum – əvə Mənim qəhrəmanım etmiş xəyanət, Hər gün vur-çatlasın, hər gün vur-haray! Nə bilim nə qədər pul yemiş Saday? Bütün varlığilə bir qızı sevmiş, O qız da özünün talibəsiymiş. Bir an ayrılmazmış onun izindən, Dərs dediyi yerdə getmiş özündən... Bu hal pisikdirdi onun ruhunu, İti qovan kimi qovdular onu, Gəncədən basdılar qəhrəmanımı, Bu iş “çox qaraltdı” mənim qanımı. Bilsəniz Bakıda bir gün nə gördüm? Gördüyüm adama tərəf yüyürdüm: – Salam! – Paho, salam! – Balam, necəsən?! Söylə, nə var, nə yox bizə Gəncədən? – Gəncəni büsbütün buraxdım. – Niyə? – Çevirməm üzümü bir də Gəncəyə. Hamı bisavaddır, hamı biədəb. Qəza intiriqa yuvasıdır həp. Onsuz da, Bakıda iş yeri çoxdur, Kimsənin kimsədən xəbəri yoxdur. Bu saat rabfakda çalışıram mən; Şeytan da baş açmaz mənim işimdən. Mənim əlimdədir məktəbdə hər şey. Əlinə düşəni ordaca bas, ye! Bir gəl bizə sarı, yaxşı evim var, Şikarnı, balkonlu, geniş otaqlar..; Sən öl! Bir tələbəm tapmışdır mana. Keçən sülüs zəif vermişdim ona, Bu yolla ödədi o da borcunu. Sən öl! Bir ikmala tutmuşam onu. Di, sağ ol! – Hələlik! Ayrıldım ondan... Bir gün eşitdim ki, yenə qolundan Yapışıb, atmışlar onu dişarı; Meydana çıxmışdır oğurluqları. Bu dostum rabfakda çalışan zaman, Məktəb zavxozuymuş, edirmiş “siçan”. Burdan da basdılar qəhrəmanımı, Yenə “qaraltdılar” mənim qanımı. Bir gün qəhrəmanım əlində çanta, Görüncə: – Gedirəm, – dedi, – fronta. Zuvand rayonuna soyuz göndərir; Qorxma, işlər yenə öz yerindədir, – Deyə qəhrəmanım mindi vapora... Ürəyimdə: “Bir gün düşərsən tora!..” Xayır, qəhrəmanım aciz deyildir, Acizlik naminə cayiz deyildir. Danışsa od yağar dilindən onun, Şeytan da qurtarmaz əlindən onun. Öz-özümə fikrə gedəndən sonra, Dedim: – “Cahan düşər, o düşməz tora, Onun yapmadığı kələk qalmamış, Boş yerə aferist namı almamış”. Mənim qəhrəmanım yola düşəndən Bir neçə gün sonra dərsdən dönərkən, Bir əski yoldaşım qarşıma çıxdı, Mehriban-mehriban əlimi sıxdı. – Dostunun işindən xəbərin varmı? – O qədər dost var ki, saymaq olarmı? Hansı dost, nə bilim? – Saday mirzədən. – Onun işlərini varmı bilməyən? – Doğrudan da yaman fırıldaqçıdır; Öylə yaşayışdan ölüm yaxşıdır! Müəllimlik hara, oğurluq hara? Atdılar rabfakdan onu bayıra. Neçə yol məktəbdən şey-şüy aparmış, Məktəbdən nə isə yenə qoparmış. Nəhayət haqlayıb tutmuşlar onu; Bütün məktəb bilir oğurluğunu. Bu iş yaraşarmı bir müəllimə?! Dedim: – Bu sözləri deyirsən kimə? Bir də bu kəlməni dilinə alma, Onu hər yetənin ağzına salma! Düşün, mənim dostum “yaxşı kişidir”, Zuvandda maarif müfəttişidir. – Canım, nə deyirsən? – Sən öl! – Vay, hərif! Davama başladım mən xəfif-xəfif. – Bəli, – dedim, – onu kimsə göndərmiş, Dostuma bir məsul vəzifə vermiş. Aferistlik onun köhnə işidi; Zuvandda maarif müfəttişidi. Çəkir iki aklad dərsin yukunü, Aparır Şekayım müdürlüyunü. Metodik işlər də ona baxırdı, Müxtəsər su kimi çervon axırdı. O hər ay min manat maaş alırdı, Çox zaman ovlaqda yatıb qalırdı. Ovçuluq dostumun köhnə sənəti, Hər zaman, hər yerdə budur söhbəti. Söz düşəndə deyir: – Gərək dədəmdən İrsiyyət qanunu mövcibincə mən, Bir şey öyrənəydim, bir şey alaydım, Ta ki, öz atamın oğlu olaydım. Atamın bildiyi bir şey vardı – ov; Əldən saldı onu qırqovulpulov; Kişi var-yoxundan keçdi bu yolda. Bəli, mənim kimi fərli oğul da Atanın yolundan çıxmaz bir addım. Mən bu sənətimdə ona oxşadım, Deyərək, dostumun dişi ağarır, Çılqın bir qəhqəhə havanı yarır. Dostum ovçuluqda olduqca pərgar, Onun, Tirmə adlı bir ov iti var. Gözunə döndüyum, Tirmə, nə Tirmə, Kişmir tirməsini yada gətirmə. Dərsdən gələn kimi Tirməyə baxır. Gözləri süzülür, ürəyi axır. Onunla oturur, onunla durur. O da məlul-məlul boynunu burur. – Çoxdanmı ovçuluq edirsən, Saday? – Öylə vaxt olmuş ki, canınçun, bir ay Kollarda-koslarda yatıb qalmışam. Uşaqkən əlimə tüfəng almışam. Həyatın ləzzəti başqaydı onda, Başqa bir aləm var, qaban ovunda. Gənc bəylər, qış günü çıxardıq çölə. Görürdün ördəklər çamır bir gölə Soxub dimdiyini arayır qida; Bu zaman uzaqdan nişan alıb da Atınca, vururdum bir yığın ördək. Lakin qaban ovu qorxuludur pək. Canım, indi nə var? Gecə-gündüz iş, Insan iş əlindən cəzana gəlmiş. Baş, beyin yorulur. Hər yerdə iclas Çağrılır, qurulur hər yerdə iclas. İçlasdan nə çıxar, iş gərək, canım!.. Yenə də boş yerə qaraldı qanım... Mənim qəhrəmanım “gözəl işlədi”, Zuvandda şöhrəti çox genişlədi. Həftənin çoxunu ovda qalırdı, Quşların içinə şivən salırdı. Zuvand meşələri olduqca qalın... Bakıya getməsin sənin xəyalın. Göylərdə lacivərd, əlvan buludlar, Yerlərdə meşələr, boylu palıdlar. Qızılgöz ağaclar, dəmir ağaclar. Rəngin bir xalıya bənzər yamaclar. Gül gülü çağırır, çiçək çiçəyi, Sular qart dağların bəyaz birçəyi; Belə mənzərədən kim ayrılar, kim?!. Səncə, bir duyğusuz daşmı müəllim, Maarif müdiri, metodist Saday? “Ömr etmək, yaşamaq deyildir qolay, Böyük axmaqlıqdır həyata gəlmək. Gəlirkən, keyfini çəkmədən ölmək, Bəlkə axmaqlığın axmaqlığıdır. Bəlkə də insanın sarsaqlığıdır”. Dilinin əzbəri buydu Sadayın, Çox da bu sözlərə məhəl qoymayın. Mənim qəhrəmanım sərxoş oldumu, Kefi də bir qədər çox duruldumu, Qızıb bulanacaq içində kini, Ötürəcək geri içindəkini, Bir sənə işlədi Zuvandda dostum, Bir gün evlərinə düşmüşdü yolum. – Ya allah, ya allah, xoş gördük səni – İçəri gəl görüm! Girdim içəri. Başqa bir halətdə gördüm evləri: Salmış qəhrəmanım hər yana xalı, Bir o qalmış vursun tavana xalı. – Mübarəkdir! – dedim. – Sağ ol... Yepyeni Bir divan üstündə oturtdu məni. Önümüzdə bir daş ayna ki vardı, Saday ara-sıra ona baxardı. Sanmayın aynaya fikir vermədim, Verdim, Sabir kimi “əyri görmədim” Aynada muəllim qəhrəmanımı. – Oralar necədir? – Hara, Zuvandmı? Orası cahillər vilayətidir, Özü də dunyanın nəhayətidir. Bir mənə bax görüm, kökəlmişəmmi? Cana dolmuşammı, yekəlmişəmmi? – Sən, hələ əvvəldən yekəydin, fəqət Bir az bədəninə çatmayırdı ət. Zuvandda doldurdun bu kəsiri də, Həmən kökəlmənin gizli sirri də Bir sana məlumdur, bir də ki, mana. – Çək, gəlsin! – Gedəydin Talışıstana, Görəydin nələr var, nə mənzərələr! Bir gumüş ney kimi körpə dərələr Dağların dibində inləyən zaman, Həmən iniltini dinləyən zaman, Düşünə-düşünə qalın meşələr Doğurur ürəkdə büllur nəşələr. Vəhşi bir gözəllik, vəhşi bir aləm, Göy yerə aşina, yer göyə məhrəm. Hər tərəf yaşıllıq, hər tərəf orman, Dağların başında seyrək bir duman Ardında süzülur günün baxışı – Dərədə bir çayın məxmur axışı. Başqa səfası var hələ Lerikin. Çağlaya-çağlaya uca bir dikin Oyuğundan bəyaz saçlı bir arslan Kimi nərə çəkib çıxan, çağlayan, Altında parlayan daşı görsəniz, Vallah, şairliyə başlardınız siz. Quşlar bölük-bölük uçarkən həmən, Tüfəngi çiyninə dikləyincə sən, Bilirsən ovçuluq onda dadlıdır, Bir az qaban ovu ehtiyatlıdır. – Məktəblər necədir? – Canım, nə məktəb! Heç varmı məktəbi eləyən tələb. Oxumuş nolacaq avam talışdan, Başını götürməz hisli balışdan, Köhnələr demiş ki, talış, ay talış; Ağzına gələni danış, ay danış! Əkşi, cəhənnəmə, mənə nə var ki, Heyf deyil Bakı, can deyil Bakı. Keçmək mümkün deyil süddən, qatıqdan, Yoxsa o yerlərdə durarmı insan?.. Deyib danışmamız çəkdi, uzandı, Söhbət əsnasında birdən dayandı; Aha, dur, yaxşıca düşdü yadıma, Görsən, əqlin çaşar mənim radyoma. Yeddi yüz manata almışam, – deyə, Sıçrayıb tələsik çıxdı eşiyə. Böyük bir çamadan gətirdi, açdı, Radyonun telini harasa sancdı. Bir qədər oxudu, çaldı radio. Yenə ovçuluqdan basdı, kəsdi o. Yazıq, qəhrəmanım, yazıq halına, Yenə cəfa oxu atdılar sana. Yenə dağıtdılar xanımanını, Saldılar ayağa namü şanını. İşdən çıxartdılar, həbsə atdılar, “Öz dostların” səni alıb-satdılar. Ömrün üç aydır ki, keçir həbisdə, Gözlərin yollarda, qulağın səsdə... Tökülür burunundan yediyin pullar. Söylə, sənin kimi tülkü azmı var? Lakin çox böyükdür sənin macəran, Böyükdür qəlbində açılan yaran. Sən yedin pulunu müəllimlərin, Onlar üç ay qışı olduqca dərin Bir böhran içində ömür sürdülər, Bütün günahı da səndə gördülər. Sən beş radyosunu satdın Zuvandın, İşləmək yerinə gəzdin, dolandın. Sən rayon maarif müfəttişikən, Bir kənddə olmadı üzünü görən. Aldın iki aklad dərsin pulunu, Köhnə düşmənlərin tutdun yolunu. Şekayım müdirlik gözlədi səndən, Keçirtdin gününü ovçuluqda sən: “Rəngdir bu dünyada hər firqə, hər şey Əlinə düşəni ordaca bas, ye!” – Deyərək kefləndin, gəzdin sərsəri, Səndən şikayətçi Zuvand elləri. İndi yat, yerindir, böyük dəhşətin Ləkədir adına müəllimliyin. Siz ey tərbiyəçi, işıqçı ərlər! Zülmətlə döyüşə çıxan nəfərlər! Mən də müəlliməm, bir gənc müəllim, Bu yeni dünyada mənim də əlim Çömləkçilər kimi bir şey yoğurur, İnsanın fikrini yenidən qurur. Sən ey müəllimlik, bilirəm ki, sən İnqilab uğrunda nələr çəkmisən. Zülmətin yellərə sovrulmasında, Həyatın günəşdən qurulmasında Kargüzar olmusan, müxbir olmusan, Ey qoca müəllim, ey möhkəm insan! Bir qədər dərindən edilsə təhmil, Saday sənin əsil sifətin deyil. Ah, lakin sənin də içərində var Mənim “dostum” kimi çuruk ağaclar Onlar müəllimlik adını alır; Düşmənin üstünə kölgələr salır. Mən buldum bunların bir nəfərini; Siz də Qovun içinizdən böylələrini. * * * Mənim beşilliyim Hər kəs öz işini sona yetirdi, Kimsə bu dünyada arzu qoymadı. Kimi yer altından xəbər gətirdi, Kimi uçdu göyə, yenə doymadı. Ellər muradını aldı zamandan, Bizə könül sözü qaldı zamandan. Gözəldir bir uca əməl bəsləyib, Bu əməl uğrunda qan-tərə batmaq. Gözəldir günəşi, ayı səsləyib, Onları da bizim dəstəyə qatmaq. Dövranla əl-ələ vermək yaxşıdır, Hər bağdan bir çiçək dərmək yaxşıdır. Görməkçin özünü hər kəs ilərdə, Bir məqsəd uğrunda göstərir hünər. Çarpışıb havada, dənizdə, yerdə, Hər döyünən ürək bir əməl bəslər. Hayıf, ömür qısa, arzu genişdir, Kim bu qayğı ilə titrəməmişdir?! Bu vəfasız ömür, bu coşqun dərə Gərək boş-boşuna axıb keçməsin! Bu gözəl cahanı sanıb pəncərə, Hər gələn sadəcə baxıb keçməsin! Gəlin, arzumuza çatalım, dostlar! Dağları dağlara qatalım, dostlar! Ayrılıb arzumun kəşməkəşindən, Gizlənmə könlümdə sən də, ey ilham! Gah batan, gah çıxan qış günəşindən Dərs alıb, dayanma gendə, ey ilham! Niyə mən istəyən olmasın, niyə? Mənim beşilliyim dolmasın, niyə? * * * Mənzum oçerk -Buruq adamı** -I** Buruqları göylərə boy atan bir diyarın, Uzümüzü dünyada ağardan bir diyarın Bir təsadüf üzündən gedib yolçusu oldum. Onu seyrə qoyuldum. Gecəydi… Yox, ətrafı görən gündüz sanırdı, Baş ucumda gözlərim kimi alovlanırdı Kiçik-kiçik günəşlər bir dərin ehtirasla, Bir sərin ehtirasla. Qışqırıqlar çıxırdı qazılan quyulardan, Dirəklərin ucundan asılan quyulardan. Ən davamlı qatları dişləyirdi baltalar. Işləyirdi baltalar. Hərləndikcə bir dəmir sütun vəlvələsilə Arayırdı, məndəki bir həycana vəsilə. Bu dəhşəti uzaqdan alaymı sandın, könül? Qolaymı sandın, könül? -II** Buruğun içində beş-altı fəhlə, Həpsi bir-birilə vermiş əl-ələ. Həpsi nəşəlidir öz əməyindən, Bu yerdə nişan yox həsəddən, kindən Bu yerdə çınlamaz boş danışıqlar, Gözlərdə parlayır xoşbəxt işıqlar, Həpsi əməkçidir, həpsi zərbəçi; Həpsinin maraqla çalxanır içi. Görüncə bunları köksüm qabardı, Duyğum qanadlandı, hissim qabardı, Istər yaşıl göylər, istər şəhərlər Durmadan irəli qoşsa da əgər, Yenə də mədəndə bir başqalıq var, Burda hərəkət var, qalabalıq var, Doğru, şəhərlərdə gediş-gəliş çox, Zəhmət, əziyyət çox, sürətli iş çox. Fəqət köhnə hayat lövhələrindən, Sürgün bir aləmin səhnələrindən Hələ şəhərlərdə nişanələr var, Ürək bulandıran əfsanələr var. İştə bax, bir yanda şubay buruqlar Doğurur başımda süslü duyğular. O yanda sırayla işçi evləri Bəsləyir içində həyat divləri. Bax, ordan – kulubdan çıxdı bir yığın, Həpsi bir dalğalı sel kimi daşğın, Daldıqca bu insan nəhirlərinə, Yeni sosializm şəhərlərinə Uzaqdan uzağa gözüm sataşdı, Ürəyim oynadı, xəyalım çaşdı. Mədəndə dalğasız mazut gölləri Açır qoxusilə dar könülləri. Dirəklər başında yanan çıraqlar, Alışıb-yanmağı qanan çıraqlar. Sərdikcə göllərə nurdan bir xalı, Dəyişir göylərin büsbütün halı. Ulduzlar saralır paxıllığından, Rəng verir, rəng alır paxıllığından. Əgər sorsan: – Həyat hansı yerdədir? Derim: – Zavodlarda, mədənlərdədir. -III** Şura mühəndisi yanımda durmuş, Bəlli, təbiətə bir kələk qurmuş Mühəndis danışır açarçısilə; Dondum açarçının açdığı dilə. Başım çıxmayırdı söhbətlərindən, Bunların qarışıq lüğətlərindan. Bir sütun ortada hərlənmədəydi, Zəncirli təkərlər hirslənmədəydi Qəfəsdə çırpınan bir arslan kimi, Bəzən də qıvrılan bir ilan kimi. Qorxunc bir uğultu, qorxunc bir səda Çınlayıb, dururdu əsən buruqda. -IV** Yanımda bir işçi pək həyəcanlı, Dodaqları basıq, gözləri canlı; Baxmada həsrətlə işləyənlərə, Həvəslə, cürətlə işləyənlərə, O, bir il vardı ki, açarçılıqdan – Bəlkə istəmədən – olmuşdu azad… Ayırdılar bir gün onu buruqdan, Qurdu kəndisinə başqa bir həyat. İyirmibeş bahar, iyirmibeş qış Buruqlar içində açdı gözünü. Bir gün qopdu ona iclasda alqış. Başqa bir vadidə gördü özünü. Keçirtdilər onu demək bir axşam Cismani zəhmətdən, əqli zəhmətə, Sönmədi ondakı əski ehtişam, Ürəklə girişdi yeni xidmətə. Əlli yaşı vardır, hala bu sində, Yorulmamış onun əmək şəhpəri Mədəni maarif vəzifəsində Çalışır, çarpışır o gündən bəri. O, səssiz baxmada.. fəqət yerində Başqa bir işçinin durmuş əlləri. Qalın qaşlarının ətəklərində Axmada simsiyah mazut selləri. – Bax, – deyir, – ömrümün çox zamanları Rəngin lövhələri keçmiş bu yerdə. Bu yerdə ömrümü etmişəm yarı, Bu yerdə batmışam nəşəyə, dərdə. İndi ayrı işdə çalışmaqdayım. Bilməm bu mədəndə nə var ki, daim Burada ürəyim döyünmək istər, Boylu buruqlarla öyünmək istər. Bu saat, qarşımda qopan vəlvələ Mənə bir musiqi qədər xoş gəlir. Sardıqca dövrəmi qorxu, zəlzələ Köksüm qanadlanır, duyğum yüksəlir. Bax, mənim vəzifəm açarçılıqdır; İllərcə feyz aldım mən bu gedişdən. Bilməyirəm məndə bu nə qılıqdır Ki, xoşlanmayıram heç qeyri işdən. Mənimlə çalışan çox işçilər var Ki, həpsi çəkilmiş irəli, onlar, Onlar çalışırlar ağıllı-başlı; Həpsi zərbəçidir, həpsi təlaşlı. Fəqət mənim könlüm bu ehramların Üstündə çırpınıb, seyr etmək istər. Ordan səhərlərin və axşamların Çapqın həyatını seyr etmək istər. Mədəndən çıxmağım qət edilirkən, İclasda bilsəniz necə sıxıldım! Fikrim qanadlanıb uçmaq dilərkən, Sanki göy üzündən yerə yıxıldım. Mənim işim budur: cismani zəhmət; Başqa zəhmətlərə bənzəməz, əvət. Mənə qoldan danış, biləkdən danış, Durmadan döyünən ürəkdən danış! -V** O susdu. Mən ona heyran kəsildim, Təbii, onunla şərik deyildim Bəzi ayrı-ayrı məsələlərdə. Ona sual verdim durduğu yerdə: – Bəlkə işin səni çox yordu, əmi? – Xeyra, iş o deyil, mən vəzifəmi Olduqca yerinə yetirməkdəyim, Mənfəətsiz deyil hələ əməyim. Fəqət mədənlərə gəldiyim zaman, Yüksəlir başımda yüngül bir duman Torpağın ödünü yaran buruqlar, Yerin damarını soran buruqlar Dəyincə gözümə, dəyişir halım, Dolanır, başımda dönür xəyalım. Hələ istəyirəm – elə birbaşa – Soyunub girəyim yenidən işə. Rahat zamanlarım, yorğun günlərim, Dalğalı günlərim, durğun günlərim Bu yerdə keçmişdir. Odur ki, daim, Daim bu şənliyi aramaqdayım. Fəqət bir məsələ… çünki mən bu gün, Bu gecə, maraqla baxıb gördüyün Şubay buruqlara heyran kəsildim, Özümü bir başqa aləmdə bildim. Sanki gözlərimə pərdə çəkildi, Hissim şüuruma hakim dikildi. Ancaq bu gün məni irəli çəkən Qardaşım işçilər bilsinlər ki, mən, Nə qədər gəlməmiş yorğunluq çağım, Hər bir vəzifəni daşıyacağım. Bu yeni işimdə qalacağam mən, Mədəni bir işçi olacağam mən. İşçimiz sözünü bitirdi getdi, Məni həyəcana gətirdi getdi. * * * Məktəbli sərgisi Bizik maarifin güləş ordusu! Aydınlıq ordusu, günəş ordusu! Bizim nə tanrımız, nə qulumuz var, Sosyalizmə çıxan bir yolumuz var, Dərsimiz, işimiz, futbolumuz var, Bizik maarifin güləş ordusu! Aydınlıq ordusu, günəş ordusu! Qələm silahımız, səngər sıramız, Yarasa düşməni basmış qaramız, Dəmir, beton kimi sıxdır aramız, Bizik maarifin güləş ordusu! Aydınlıq ordusu, günəş ordusu! Birinci dərsimiz – İnternasyonal! İkinci dərsimiz – burjuya siqnal... Üçüncü dərsimiz – ölür kapital... Bizik maarifin güləş ordusu! Aydınlıq ordusu, günəş ordusu! Bizimdir kainat, bizimdir həyat, Bizimdir yuksəliş, bizimdir qanat, Bizimdir mətanət, bizimdir səbat. Bizik maarifin güləş ordusu! Aydınlıq ordusu, günəş ordusu! * * * Oxu Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə. Nəğməndə oynasın sellərin səsi, Dan yerindən əsən yellərin səsi. Gülləri qoxlayan bir rüzgar kimi, Qumları oxşayan dalğalar kimi, Titrəyən, çağlayan nəğmən olaydım, Ürəyindən qopan səs mən olaydım, Oxu! Qüvvət gəlsin şeirə, sənətə, Könlümün quşunu gətir heyrətə! Nə qədər bənzəyir, vardım fərqinə, Ömrümün ahəngi sənin şərqinə. Ürək kövrəkləşir sən oxuyanda, Sən də dinləsəydin mən oxuyanda! Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə! -1936* * * * Ona Könül oğurlayan bir adı vardır, Mələk deyil, amma qanadı vardır. Siyah qaşlarının kölgəliyində Daima çırpınır iki göyərçin. Qonaraq könlümün budaqlarına, Hər gün şeir oxuyurlar onlar mənimçin. İndi öz-özümə inanmışam mən, Nə qədər bəxtiyar insanmışam mən, Saçları andırır zərrin suları, Tökülüb axdıqca umuzlarına. Oxşayır bədəni, bəyaz əndamı Kölgədə bəslənmiş quzey qarına. Amandır əsməsin tufan yelləri Solar eşqimizin qönçə gülləri. * * * Ölkəm Dünyamızı seyr etdim min dürlü həvəslərlə, Gördüm coşuyor dillər pək nəşəli səslərlə, Baxdım doludur yarlar şən qəlbili kəslərlə, Pək şad olaraq güldüm abad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Baxdım ki, duman görməz yüksəkləri billuri, İnsanları matəmsiz, istəkləri billuri, Dağlar, ovalar gülşən, hər bir yeri billuri, Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır, Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır, Sevdalı könüllərdə sevdikləri yar vardır, Daim sevişirlər, bax, məzdad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Vicdanları pək şəffaf, insanları nurani, Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?! Qaplar yarın artıq sağ dünyaları ürfanı. Hər yer güləcək, nura mötad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. * * * Pambıq şaxları Hər şaxın üstündə bir bəyaz xülya, Bir titrəyiş duysa düşər qorxuya, Dönər boynubükük yasəmənlərə, Qırılar, tökülər, sərilər yerə. O bəyaz xülyaya toxunun yavaş, Yoxsa ürəyində duyar bir təlaş. Dalğın bir şairin xülyasıdır o, Mil düzünün bəyaz röyasıdır o Ki, bu gün həqiqət şəklinə girmiş, Bütün şübhələri yıxıb devirmiş. Görünür tarlada ülviyyətimiz, Nazik şaxlar təmiz, kolxozlar təmiz. Hər qoza ləkəsiz çocuq varlığı, Sığmayır dünyaya bəxtiyarlığı. Mən neçin bu zaman fikrə getməyim, Ya neçin fikrimi dərinlətməyim? Mən neçin bu zaman coşub-daşmayım, Ürəkdən həyata yaxınlaşmayım Ki, bir gənc şairə lazım olan hər, Hər dürlü mənzərə burda əks edər! * * * Poçt qutusu İllərdir bu divara, sən ey poçt qutusu, Yorğun bir adam kimi dayamışsan arxanı, Saqlıdır içərində sirlərin ən quytusu, Tanımayan bulunmaz sənin açıq yaxanı. Karvanların uzayan yollarının zülmünə Canla, başla, ürəklə dəmir köksünü gərdin. Kiminə nəşə sundun, qəm içirdin kiminə, Buna həyat, onaysa ölüm pəyamı verdin. Bəzinin ələmində, bəzinin çaqasında İştirak eyləmişsin anlamadan, müxtəsər. Kim bilir ki, o sakit sinənin arxasında Bir quş kimi döyünmüş neçə-neçə ürəklər. Xoş gəlir mənə səndən bu aldığım duyğular, Ey dəmir qutu, fikrim halqalanır önündə. Sayəndə canlanırkən çılpaq, yetim arzular, Xəyalımın gölləri dalğalanır önündə. Sənmi çox oynamışsın könüllərlə, mənmi çox?! Sənmisən, ya mənmiyəm min bir xəbər şahidi?! Ayrılığa, vüsalə aid səndə nələr yox? Sən deyilmisən uzun macəralar şahidi? Sən mənimlə bir qədər razılaşıb izin ver, İzin ver də yarayım dəmir bağrını az-çox, Görünsün içərində birikən xəzinələr, Çünki səni həqqilə anlayan yox, duyan yox. * * * Pedtexnikum Ömrüm səfalətlərin dərin çuxurlarında Ölgün vərəqlər kimi sürünən bir zamanda, Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan. O vaqıt bir çocuqdum, soqaqlardı məskənim, Başdan-başa həyatım bir silinməz ləkəydi. Kimsə bilməzdi sonum nə olacaqdır mənim, Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi. Toz-torpağın altımda buraxdığı izləri Görənlər, sağalmayan bir yaradır, sanırdı. Quruyordu get-gedə ömrümün dənizləri, Bir qaynaq həsrətilə gözlərim bulanırdı. Nazi-nemət içində bəslənən bəxtiyarlar Sanki diyorlardı ki, yazıq, nəhayətin nə? Qart daşları güldürən bu köhnə zəngin diyar Hər baxışda ruhuma saplıyordı bir iynə Fəqət böylə qalmadı, bir ana şəfqətilə Sən bu yetim varlığı qucaqladın, bəslədin. Yeri-göyü titrədən bir şimşək qüvvətilə Məni bir dağ başından harayladın, səslədin. Kim bilir ki, sayəndə qaç zavallı dərbədər Xilas olmuş saydığım bu məchul acılardan, Sən, ey ürfan ocağı, sən olmasaydın əgər, İnsan olurdumu bu gördüyün bəxtiyardan? Söyləyiniz, kimdir o, bir sıra arxasında, Qarşısında bir kağız, sağ əlində bir qələm, Xəyal dənizlərinin köpüklü dalğasında Açan bəyaz gülləri dərmək istəyən adam? Kimdir o dalğın çocuq, saçları pəncəsində, Bir saat ayrılmıyor can sıxan düşüncədən? Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində: Bir böhran içində o, qıvrılıyor ya nədən? O mənim, əvət mənim, əvət, ilk xəyallarım, Çılpaq təsəvvürlərim bu bağçada göyərdi, Bu bağçada çiçəklər açdı o dörd baharım, Bu şənlik mənə yüksək insan namini verdi. Ömrüm səfalətlərin dərin çuxurlarında Solğun vərəqlər kimi sürünən bir zamanda, Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!.. * * * Radio Gizli-gizli havanın raylarından aşaraq, Düşüncə vadisindən qaçıb uzaqlaşaraq, Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraq Hər yerdən xəbər verir Allo, allo səsləri. Əcəb cilvə göstərir Allo, allo səsləri. Qıvrım qamçılar vurub dağlara, dənizlərə, Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə, Yolçuları toplayır bir yığnağa, bir yerə Hər gün söhbət eyləyən Allo, allo səsləri. Hər şeyi tez bəlləyən Allo, allo səsləri. Ellər ayrı, ellərdə yaşayanlar da ayrı, Xəbərsizkən çox işdən ölkələrin müxbiri, Birləşib sayənizdə həp könül iqlimləri, Çiçəklənir, allanır Allo, allo səsləri. Nəşələnir, hallanır Allo, allo səsləri. Nə yellər uğultusu, nə vulkanlar nərəsi, Nə xəyalı divlərin köpüklü yayqarası, Qışqırıb bağırsanız kəsilmədən arası Qiyamət eylərsiniz Allo, allo səsləri. Siz başqa bir nərsiniz Allo, allo səsləri. Səsinizə tay olmaz sizin keçdi-keçdidə, Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə, Bir torpağın, bir evin bütün sərgüzəşti də İçinizdə saqlıdır Allo, allo səsləri. Doğrudan maraqlıdır Allo, allo səsləri. * * * Rəqs Əcəb, sizmisiniz böylə oynayan, Yoxsa göy üzündə qartallarımdır? Yoxsa ürəyimdə coşan, qaynayan Şirin arzularım, xəyallarımdır? Bəzən durna kimi düzüləndə siz, Fikrim sətirlərə düzülməsinmi? Sallanıb qarşımda süzüləndə siz, Duyqum gözlərimdən süzülməsinmi? Oynayın, qarşımda oynasın yenə Əski tufanlarım, burağanlarım! Sevdalı ruhların dərinliyinə Tökülsün hisslərim, çağlayanlarım! Oxuyub oynarkən siz, öylə bil ki, İldırımlar çaxdı ilk baharımda. Dedim ki, dünyanın ilkidir, ilki; Ulduzlar sayrışır fəzalarımda? Əcəb, sizmisiniz böylə oynayan, Yoxsa göy üzündə qartallarımdır? Yoxsa ürəyimdə coşan, qaynayan Şirin arzularım, xəyallarımdır? * * * Rücu Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn bu sözü. Bu keçmiş halına acımam ki, mən. Açıq danışalım, doğrudan da sən Bəlkə bu sevgini, bu sevincini, Bəyaz qızılını, bəyaz incini Xanlardan, bəylərdən əsirgəmişsən, Quduz köpəklərdən əsirgəmişsən? Tanışlarım bilir bunu, sən də bil! Mənim darğınlığım səbəbsiz deyil. Bir Bakı işçisi birinci kərə Baxıb çoraqlıqdan çıxan ellərə, Govur-arx üstündə mitinq açaraq, Köksündə çırpınan qırmızı bayraq Dalğalanan zaman lenta kəsərkən, Orda neçin, nədən olmamışam mən, Könlüm Araz kimi havalanmamış, Gurultum çöllərdə dalğalanmamış? Deyirlər o zaman burda köylülər Tutub dişlərində qalib türkülər, Bir daşqın fərəhlə gəlmişlər vəcdə, Araz da eyləmiş onlara səcdə. Arazın önünü kəsən sipərlər Qalxıb yüksəklərə açınca şəhpər, Gənc bir arslan kimi kükrəyən Aras Vermiş ətrafına dərin bir həras, Sıçramış, köpürmüş, bayılmış, getmiş, Mil düzünə sarı yayılmış, getmiş. * * * Rekonstruksiya Tozu dumana qatdıq, dumanı toza qatdıq, Ortabab kəndliləri çəkdik kolxoza qatdıq. Yürüdük, qarşımızda əyildi qarlı dağlar, Yürüdük, aramızdan silinsin qolçomaqlar. Yürüdük, arxamızca şaxələndi sementlər, Dəyişməzmi bu halda bütün temperamentlər?! Yürüdük avtolarla; elektriklərlə biz, Yürüdük, sayəmizdə qucaqlaşdı dağ, dəniz, Yürüdük, üstümüzdən çəkildi hər qaraltı, Yürüdük, tunellərlə doldu dağların altı. Yürüdük, küçələrdə hürküşdü çəlik atlar. Yürüdük, üfüqləri qızartdı plakatlar. Yürüdük, ənginlərə çəkdik dəmir dirəklər. Dirəklərdə tutuşdu, yandı qızıl ürəklər. Yürüdük, çöllər boyu raylar axdı, uzandı, Türksib yollarında yatan ellər oyandı. Yürüdük, hər zərrəmiz oldu bizim avtomat, Bu yürüşə Amerka özü belə qaldı mat! * * * Rüstəmə Dinlə, qəlbimdə, Süleyman Rüstəm, Sənə dair kiçicik bir nəğməm, Kiçicik – dağ kimi bir dalğam var, Bir dənizdir ki, o dalğam çağlar... Haydı, Rüstəm, çıxalım gəl yarışa, Çıxalım mövzu üçün axtarışa! Aləmə vəlvələ salmaq lazım, Quruluş şairi olmaq lazım! Çapar atlar kimi çapmaqda həyat, Bizə keçməkdə bu dövran, heyhat... Yataraq uyquya dalsan bir də, Bizi varlıq qoyacaqdır geridə. * * * Sabir üçün Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim? Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim? Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim? Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim? Hey o qədər nəğmə var ki: qüvvətdənmi oxuyalım? İşdən, gücdən, cəsarətdən, sürətdənmi oxuyalım? Yoxsa keçmiş rəzalətdən, dəhşətdənmi oxuyalım? Nurumuzun dağıtdığı zülmətdənmi oxuyalım? Sən heybətli, cəhənnəmli dövürləri gördün, Sabir! İşçilərə yağdırılan təhqirləri gördün, Sabir! Kəndlilərin boynundakı zəncirləri gördün, Sabir! Ürəyinin sapı nazik fəqirləri gördün, Sabir! Hər cahangir qabağına vurub qatdı xalqımızı, Zaman-zaman quduz çarlar qırıb çatdı xalqımızı, Müsavatla daşnaq gəldi, alıb-satdı xalqımızı, Həpsi qırıq kaman kimi sızıldatdı xalqımızı. Zaman-zaman bir div kimi köksümüzə çökdü onlar, Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. Tufan kimi bağçamızın meyvəsini tökdü onlar, Boynumuzda bir çəkilməz, bir əzablı yükdü onlar. Həyat kimi yaz onların, ölüm kimi xəzan bizim, Nəğmə, oyun onlarındı, matəm bizim, fəğan bizim. Kaşanələr ağaların, qazma bizim, viran bizim, Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. Məzarlıqdan qalxıb, Sabir, indi azad ellərə bax! Al günəşin qoynundakı bu işıqlı səhərə bax! Yaşıllıqlar qucağında nəfəs alan çöllərə bax! Bizə həyat, bizə şadlıq bəxş eyləyən rəhbərə bax! Qalx məzardan, ölkəmizin dağını gör, düzünü gör! Yeni-yeni aşıqların sazını gör, sözünü gör! Azərbaycan qızlarının parlaq açıq üzünü gör! Həm bu günün, həm sabahın uzaq görən gözünü gör! Bircə bizim Bəstiyə bax, ah, bu qadın nə qoçaqdır! Topladığı pambıq kimi alnı açıq, üzü ağdır. Hələ Leyla... daha yüksək fəzalara uçacaqdır, Manya Vətən sərhədində dalğalanan bir bayraqdır. Seyr et bizim Mil düzünü, ellik olan Muğanı gör! Torpaqları köksüm kimi nəfəs alan aranı gör! Qarabağda, xas Qubada bağa girib, bağbanı gör! Bu yerlərdə insan kimi həyat sürən insanı gör! Səndən sonra min xanəndə, min sazəndə üzə çıxdı, Ölkəmizin ceyranları dəstə-dəstə düzə çıxdı. Yağdı yağış, zümrüd otlar çəmənlərdə dizə çıxdı, Bülbül ötdü, gül açıldı, dodağında məzə çıxdı. Yeni-yeni söhbətimiz, yeni-yeni sazımız var, Yaşayırıq qardaş kimi, kitabımız, yazımız var, Sakit, şirin əməyimiz, xəyalımız, arzumuz var, Keyfimiz var, ruhumuz var, sevgimiz var, nazımız var! Kəndlilərin otağında yanır sülhün çıraqları, Seyr edəlim gülə-gülə yaxınları, iraqları. Qardaşlığın bağçasıdır bizim sovet torpaqları, Yallı gedir ağacları, çəpik çalır yarpaqları. Su üzündə gəmimiz var, göy üzündə tərlanımız, Yer üzündə nərə çəkər qoşun-qoşun arslanımız. Çox böyükdür dövranımız, çox genişdir meydanımız, Şənliyimiz, taleyimiz, azad olan vicdanımız. Alqış sənin məzarına bu qardaşlıq dünyasından! Bu qardaşlıq dünyasının qayğısından, sevdasından! Fikrimizin, hissimizin çiçəklənən tarlasından! Hər qafqazlı bəstəkarın beynəlmiləl havasından! * * * Sevgilər Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. * * * Sevirəm Sevirəm Bənövşə tək Boynun bükərək O məhzun duruşlarını. Sevirəm Mənimlə göz-gözə gələndə Şimşək baxışların vuruşlarını. Sevirəm Kirpik çala-çala Məni süzərək Bir mahir ovçudan qorxmuş, ürkərək O ceyran ədalı baxışlarını. * * * Sevinc Bu gün mən dolaşırkən, bu əmək torpağında Saçlarım təbiətin bülluri darağında Necə köpüklənirsə, çoşqun qəlbim də öylə İstərim ki, qabarsın uzun bir sevinc ilə. Bir sevinc ki, bəlirsin yağlımda-yavanımda, Dolaşsın könül-könül Şəkimdə, Şirvanımda. Sanmayın ki, həsrətəm bu duyduğum sevincə, Bir cilvə aşinadır hər tazaya, hər gəncə. Bu cilvəyi yaratmış gəncliyin ərlikləri, Bakının zavodları, Gəncənin fabrikləri. Bu sevinci yaratmış əmək çəkən fatmalar, Dəzgahının başında tərlər tökən fatmalar. Zəmilərdə traktor işlərkən gurhagurla Mənim üzüm dikilir səmalara qururla. Mənim dəxi sevincim artıb içimdə qat-qat Toxunmada köksümə sərin qızıl bir qanat. Siz ey bizdan uzaqda qışqırıb bağıranlar! Paris soqaqlarında zəncirini qıranlar! Sizin düşüncənizdən iraqdır türk gəncliyi, O hər şeyi yapmada; o hər şeyi yapacaq. Türk gəncliyi olaraq ucu almaz bir bıçaq Girməkdədir gözünə həp müsavatçıların, Qurur o günəşlərə qarşı duran bir yarın. Gəncliyin gurultusu səsinizi kəsiyor, Fikrinizin yerində qızıl yellər əsiyor. * * * Sən və mən Sənin xəndan olur gül dodaqların Onda ki gözümdən yaşlar saçılır, Çünki sayəsində gur bulaqların Çiçəklər açılır, güllər açılır. Üzün şəfəqlənir mən ah çəkincə, Çünki od qızarar əsincə ruzgar. Hər şeyin axırı heçdirsə, məncə, Sənin gözəlliyin getdikcə artar. Çevirib üzünü nərəyə dönsən, Könlümün gözləri düşər ardına, Çünki təbiətdən öyrənmişəm mən, Günəbaxan baxar Günəş yurduna. Qurumuş göz yaşım, o gül üzündən Axar, daim axar, durmadan axar, Sellər coşqun olur çünki, qəflətən Doğunca gəncliyin fəsli ilk bahar. * * * Sənə qurban Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al sənə qurban. Sən Müşfiqin yanında, qalginən sənə qurban, İstəsən bu canımı, alginən sənə qurban. Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı, Gəl çəkmə sinəmə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban. Sən Müşfiqin yanında, qalginən sənə qurban, İstəsən bu canımı, alginən sənə qurban. Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al sənə qurban. * * * Səninçün O gün ki hicrana uğradı yolum, Qırıldı qanadım, qırıldı qolum. Fələkdən bac alıb, bac verən könlüm İndi uşaq kimi ağlar səninçün. Gül gülü çağırır, çiçək çiçəyi, Gülər aşiqlərin qönçə diləyi. Sən neçin yıxırsan bu şux ürəyi? Qəlbimin çeşməsi çağlar səninçün. * * * Sənin gözlərin Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümün dirilik çeşməsi qaynar? O qara gözlərin deyil parlayan, Ulduzlar içimdə gecələrimdir. Bəlkə də ruhuma aydınlıq yayan, Bir sərin,ziyalı,yaz səhərimdir. Qoy desin dünyanın el aşıqları Bu şövqü kim mənim ruhuma yaydı, Donardım ruhumun şən işıqları Qəlbimin camında qırılmasaydı. Qara qış üstümə tökər qarını Nərgiz gözlərindən məni ayırsan. Mənim ümidimin qapılarını Neçin gah açırsan,gah qapayırsan? Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümün dirilik çeşməsi qaynar? * * * Sənin gülüşlərin Qarşımda nazlanıb yenə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən desəm artıqdır, özün bilirsən, Lalə yarpağında şehə bənzəyir. Sənin gülüşlərin bir rüzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından, Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay kənarından Keçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şeirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar. Bəzən başucumda, bəzən önümdə Şimşəklərim çaxar, sularım axar. Cahan ki solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək! * * * Sənətkar Ah, nə böyük şərəfdir sənətkar olmaq, Könüllər dünyasından xəbərdar olmaq! Nə xoşdur bir hiss kimi qəlblərə girmək səssiz-sorğusuz. Bütün fənalıqları yıxıb devirmək qara-qorxusuz. Mən ruhlanıb çevrəmi saran yığından, Hayqırıram xalqımın ucalığından. Orda candan, könüldən mənimlə ellər olmuşkən tanış. Mənə bu aralıqda kim deyə bilər: çox bil, az danış? Mən qarşımda yamyaşıl çöllər görürəm, Qeyrətli, bacarıqlı ellər görürəm. Görürəm o dağdakı toyu, düyünü yeni səhnədə. Görürəm Tərtərhesin köpürdüyünü polad dəhnədə. Getsin iş əvəzində mənə söz verən, Gəlsin dəmiri döyən, yeri becərən. Mənimki onlarladır, onlar da ancaq bizə tərəfdir. Əvət, bu insanların şairi olmaq böyük şərəfdir. Mən bir dövürdəyəm ki, tunc qanadlanır, Qara daşın, mərmərin köksü atlanır, Boylanır qabağımda böyük bir əməl, ucalır başım. Fərəhlə seyr edincə, şerimdən əvvəl axır göz yaşım. Ah, nə böyük şərəfdir sənətkar olmaq, Könüllər dünyasından xəbərdar olmaq! Nə xoşdur bir hiss kimi qəlblərə girmək səssiz-sorğusuz. Bütün fənalıqları yıxıb devirmək qara-qorxusuz. * * * Səhər Qaşlardan qaşlara süz, romantikam! Könül sularında üz, romantikam! Bu əngin sənindir, bu yer sənindir, Ulduzlar sənindir, güllər sənindir. Çırpınsın şövqunlə söz, romantikam! Ey mənim könlumə göz, romantikam! Bu zəngin varlığı bəzəsin, burax, Mənim öz xəyalım, öz romantikam! -I** Uç, mənim, uç, mənim uçağan bacım! Yetər süründüyün, mehriban bacım! Düzlərdə ceyran ol, sularda yelkən, Göylərdə tərlana acıq verərkən, İstədiyin qədər havalan, bacım! Açıqdır arzuna asiman, bacım! Çıxmasın əlindən tutduğun sükan, Inqilab yavrusu, qəhrəman bacım! Uç, qovuş göylərə, göylər sənindir, Sanma yalnız sənin Yer vətənindir. Bulud çəmən kimi, ulduzlar çiçək, Gəl bu çiçəklərin ətrini sən çək! Demək göy də sənin göy çəmənindir Hər ulduz nərgizin, yasəmənindir. Bunları qoxlamaq nəsibi ancaq, Əlini, ağlını işlədənindir. Uçarkən göylərə min bir həvəslə Mənim arzumu da könlündə bəslə! Bir nəhəng ölkənin timsalısan sən, Yüksələn bir elin xəyalısan sən, Bütün qadınlığı ardınca səslə! Səslə, döyüşsünlər köhnə qəfəslə. Əski nəsil bilir, sərgüzəştini. İzin ver söyləyim bu yeni nəslə. Doğuldun Qarabağ ellərində sən, Gəzmədin sevdanın əllərində sən. Doğuldun, üzünə baxan olmadı, Səninçin ürəyi axan olmadı. Boğuldun göz yaşı sellərində sən, Bir tumar görmədin tellərində sən. Ay Səhər, çox zaman yoxsul atanın Dolaşdın zəhərli dillərində sən. Atıb anan səni bir qəmli küncə, Sənə süd verərdi sanki ödüncə Baxardın hər kəsə gözləri yaşlı, Çunki sən qız idin, ay başıdaşlı! Çocuqdun, dərdini duymazdın öncə, Sən yüz yol ağladın, bir yol gülüncə. Hər zaman söylənib atan deyərdi: “Arvad tayfasılə yoxam ölüncə!” Azmı qadınlığa qaşlar çatılmış, Oda qurban getmiş, suya atılmış? Sarılıb əndamı ipək tüllərə, Azmı diri-diri gömülmüş yerə? Qadın sürü kimi önə qatılmış, Qullar bazarında azmı satılmış? Varaqla keçmişi, görərsən, əfsus, Qadın hey ağlamış, hey ağladılmış. -II** Böyüdün, ay Səhər, sən yastı-yastı. Sonra hər kəs səni bağrına basdı. Yıxıla-yıxıla ayağa durdun, Gecəni, gündüzü artıq duyurdun. Ay, gün gözlərində bir zərli tasdı, Göy birini aldı, birini asdı. Sən də qarğı kimi birdən boy atdın, Uzun saçların da sanki Arasdı... Atandan nə deyim: atan çobandı, Qaravaş ananın dərdi yamandı; Xanım gətirmişdi yazığı cana, Bu qəmli dastanı söylərkən sana, Neçin bağrın yanıb, yaşın dayandı, Qurunun oduna yaşın da yandı? Neçin ayna sular, aydın üfüqlər Birdən gözlərində axdı, bulandı?! O keçən ömrünüz donmuş qar kimi, Zaman isti əsən bir ruzgar kimi. Sən də bir xanıma qulluqçu oldun, O qədər keçmədi gül kimi soldun. Xanımın hər sözü zəhirmar kimi, Sən bir quzu, o bir canavar kimi. Çəkilib xəlvətə uzun gecələr, Axdı göz yaşların ulduzlar kimi. Ay Səhər, atanı görüncə təkdir, Derdin: “Qoy işləyim, ona köməkdir”. İş ağır olsa da qaçan deyildin, Bir sabah çəkib, aynada bildin Yanağın xəzəldir, ahın küləkdir; Küləkdən solmayan hankı çiçəkdir? Hər yetən nə bilir sərgüzəştini, Bu dərdi anlamaq, duymaq gərəkdir. Sana neyləmədi orda qız, gəlin? Qab-qaşıq yumaqdan qabardı əlin. Hər zaman xanımın əli yaxanda, Özün ağırlıqda uşaq arxanda. Gecə yatarkən də ağrırdı belin; Tükəndi həvəsin, söndü əməlin. Hayıf ki, bilmədin çör-çöp də olsan Alarsan önünü bu azğın selin! Səhər, uşaqlıqda günmü gördün sən? Hər gecə bağçada düşünürdün sən. Ay da bu halına göstərib maraq, Nurilə zülfünə çəkərkən daraq, Bir parça göy kimi görünürdün sən, Pul-pul ulduzlara bürünürdün sən. Günəşin altında, səhərdən yenə, Yavru ilan kimi sürünürdün sən! Mən bilə bilmirəm dərdini səncə, Kimsə evinizə gəldi bir gecə, Üz tutub atana dedi: “Ay kişi, Balana yazığın gəlsin: hər işi Bir yekə külfətdə, o görür, necə Dözürsən də buna? Uşağın incə, Göyərçin qəlbini rəvamı didsin, Gözün görə-görə bir qanlı pəncə.” Bu acı sorğular verilən zaman, Başını aşağı salmışdı atan. Bir acı hiss ilə düşmüşdü dərdə, Bir şeylər cızırdı əlilə yerdə Sanki su axırdı qaya alnından, Başını qaldırıb eylədi üsyan. Dedi: “Bir ölmədik, qurtulaq, kişi, Bu qədər tənəyə dözərmi insan?” O gecə onların yoxdun yanında, Bir yuxu ağrısı vardı çanında. Beşiyin önündə gözün axırdı. Ağırlaşan başın boynunu qırdı. Küləklər gecənin bu zamanında Dərdini söylərdi öz kamanında. Yandı, çıtırdadı qəlbin od kimi Köküs dedikləri buxurdanında. Bilsəydin, ay Səhər, sən onda neydin? Sən gözlərdən düşən bir damcı şehdin. Kim vardı bağrına səni basaydı, Uşaq dillərinə qulaq asaydı? Kim vardı yanında sən əyləşəydin, Onunla dinləşib diləkləşəydin? Sən dağlar dibində bir həzin irmaq, Sən dağlar başında bir xəstə neydin! Gözlədin, bəzəyin, düzəyin yoxdu, Deyib-danışmağın, gülməyin yoxdu. Yoxdu ayağında zərli başmağın, Yoxdu gül üzündə güllü yaşmağın. Başında saçaqlı örpəyin yoxdu, Zərxaran, atlasın, ipəyin yoxdu. Dəlimi olmuşam, bu söz nə sözdür, Yeməyə bir qarın çörəyin yoxdu! -III** Yenə ötən illər yadıma düşdü, Səhər, sizin ellər yadıma düşdü. Dərələr, təpələr, qalın ormanlar, Dağların üstündən keçən dumanlar, Çağıldayan sellər yadıma düşdü. Uğuldayan yellər yadıma düşdü. Sonra bu aləmi, bu gözəlliyi Qarışdıran əllər yadıma düşdü. Çox deyil, on beş il bundan qabaqdı, O il Qarabağda qandan sel axdı. Dağlara, daşlara yaman səs düşdü, Vurhavur, qırhaqır, kəshakəs düşdü. Türk ilə erməni qanlıbıçaqdı, Göydə şimşək kimi qılınclar çaxdı. Aprel inqilabı yetişməsəydi, Bugünkü qardaşlıq olmayacaqdı. Sizi əsir etdi bir dəstə daşnaq, Birisi nağanı şaqqıldadaraq, Sərdi qan içində ananı yerə, – Qoy çıxsın yadından həmən mənzərə – Sonra bir erməni edib əl-ayaq, “Mən öldürməliyəm bunları ancaq”, – Deyə, alıb sizi gizlin buraxdı, O Bakı işçisi – o usta Arşaq. Yenə keçmişini andı Qarabağ, Nə deyim: bir zaman candı Qarabağ. Uydu məliklərə, uydu bəylərə, Bir axşam fəryadı çıxdı göylərə. Neçin ilqarını dandı Qarabağ? Pozdu bir əzəli andı Qarabağ? Musavat atəşi, daşnaq fitnəsi. Alışdı Qarabağ, yandı Qarabağ. İnqilab ölkədə qaynadı, daşdı, Üz-üzə varliylə yoxsul tutaşdı. Partladı qaz kimi kinlər, acıqlar, Coşdu ürəklərdə köhnə yanıqlar. Qırmızı dalğalar dağları aşdı, Müsavat başını götürdü qaçdı. Günəş bayrağını bir qızıl əsgər Bir sabah da sizin dağlara sancdı. Onda on beş yaşın olardı, Səhər, Boyun boy deyildi, çinardı, Səhər. Çox sevərdi yarın, yoldaşın səni, Yaman bəzəmişdi nəqqaşın səni. Üzün bir səfalı bahardı, Səhər, Yerişin bir lətif ruzgardı, Səhər. Ürəyin bir bahar buludu kimi, Bir zərif vurğudan dolardı, Səhər. Hələ bilməyirdin bu gediş nədir, Çarxını dəyişən bu gərdiş nədir? Nədir bu vurhavur, nəyin üstədir? Görürdün insanlar dəstə-dəstədir. Yenə bilməyirdin, əsil iş nədir, Şikayət, ərizə, sərzəniş nədir? Gördükcə ətrafda şiş papaqları, Deyirdin: “Hökumət dəyişmiş nədir?” Xanımın da sənə qılıqlanırdı, Bu haldan gözlərin işıqlanırdı, Deyirdin: “Özütək heç insan olmaz, Hayıf, tutması var yazığın bir az”. O, keçən günləri fəqət anırdı, Içərdən tutuşub qəlbi yanırdı. O səni burovuz olduğun evdə Qulluqçu olsan da, xanım sanırdı. Neçin keçmişinə güldün bu yerdə? Bilməm, nə məna var bu gülüşlərdə?!. Yoxsa, gözəl Səhər, utandınmı sən, Bu dilə gəlməyən sadəliyindən? Sorma ki, o saya keçmişim nerdə? Bu qədər sadəlik olmaz bəşərdə! Keçmişin üzünə, yadında yoxmu, Tarix necə çəkdi bir qara pərdə?! Sənə ağangildə xırda uşaqlar Dedi: “Biz olmasaq, səni kim saxlar?” Bir gün atan gəlib dedi: “Dur gedək, Bağlanan qapını açar bu fələk!” Xanım bilirdi ki, bu şişpapaqlar Onun busatını dağıdacaqlar. Söylənib deyirdi: “Hökumət olmuş, Allah, bu kürkləri yağlı pasaqlar!” Ah, bu forslu xanım nə acıdildir!.. Uçub indi, Səhər, aləmə bildir! Aləmə bildir ki, yağlı pasaqlar Qolunda kürənin hökmünü saxlar. Uç bacım, hər anın bir şanlı ildir. Sənin bu sürətin, sürət deyildir... Sən bir dəmir qala, onlarsa bu gün Quru bir həyula, boş bir şəkildir! Bir yeni qəlb çarpır, bu gün sinəndə, Bir sərxoş kimiyəm nəşənlə mən də. Nəşəm həqiqətdir, sanma xəyaldır, Al, bu üfüqlərə məni də qaldır! Apar, bu arzuma, nazlanma sən də, Apar, istəsən də, istəməsən də. O mühəndis qıza, bu doktor qıza Mən də şeir yazım keyfim gələndə! Yaşarkən dünyada qorxa-qorxa sən, Bir uçuş fəxrisən indi xalqa sən. Sən ey insanlığın böyük yarısı, Anası, bacısı, qızı, qarısı! Yarınkı qovğada bizə arxasan, Dönərsən, uçunca Qərbə, Şərqə sən, Sehribaz adilə oda yaxılan Gözəl çoban qızı Janna d’Arqa sən. Tarix şəninizi etməkdə təqdis, Ey Iskit elinin anası Tomris! Ah, Key Xosrov sizə yandan baxdısa, Gözəl oğlunuzu oda yaxdısa Onun da başını kəsib həmən siz, Qanlı bir dərəyə diyirlətdiniz, Dediniz: “Sağ ikən qandan doymadın, İndi doyunca iç, sən ey müftəris!”1 Tarixdə azmıdır böylə qadınlar? Dostlarım keçmişi varaqlasınlar. Türk qızı Tahirə nələr yapmadı? Yazıq, şəriətin əbus cəlladı Verdi edamına bir axşam qərar. Şərqin qadınlığı gullü gülüzar, Anıb Tahirəni, qara baxtıma Göydə bulud kimi ağlasın zar-zar! Yetər, süslədiyin daş salonları, Qapansın ömrunün pavilyonları! Yadına düşməsin hərəmxanələr, Nələr çəkmiş başın, ey qadın, nələr! Yetər oynadığın dərd oyunları, Ey sevimli ana, unut onları! Fəqət keçmişinə dalıb xatırla, At minib, yay çəkən Amazonları. Yetər, xatırlama Yunanıstanı, Gözəllik tanrısı Afroditanı. Oxucum, tarixi qarşında susdur, Nə şeir pərisi, nə də Venosdur Bizim dünyamızın bu qəhrəmanı; Özgə bir dastandır onun dastanı! Bizim gözəlləri, bizim qızları. Ürəyindən tanı, işindən tanı! Uç, qadın, uç, qadın, bu nə büsatdır! Çaldığın qolmudur, yoxsa qanaddır? Sən ki, bir ov kimi torda yaşardın, Bilməm bu uçmağı necə başardın? Sənə zəif demək – cəfəngiyatdır. Bir az keçmişini ara, aratdır! Səni müti edən, səni qul edən Əski məişətdir, əski həyatdır! Həyat köhnə kəndə saldı yeni dəb, Bir dağın döşündə açıldı məktəb. Könüllər açıldı, gözlər açıldı, Yaşmaq götürüldü, üzlər açıldı. Etdi məktəb səni atandan tələb, Bilindi inqilab, bilindi mətləb. Hər axşam kurslara gedərkən sənə Təkcə molla Cəbi baxırdı çəp-çəp. Budur dərsin, işin, budur futbolun, Doğrudur məqsədin, doğrudur yolun. Ay Səhər, nə gözəl oxuyursan sən! Özünü iclasa toxuyursan sən! Onlara deyirsən: komsomol olun, Bunlara deyirsən: məktəbə dolun. Düşünmə boş yerə, ay Qoşqar kişi, Qızının canı sağ, yoxsa da oğlun! -IV** Həyat köhnə kəndə saldı yeni dəb, Bir dağın döşündə açıldı məktəb. Yaşmaq götürüldü, üzlər açıldı, Etdi məktəb səni atandan tələb, Bilindi inqilab, bilindi mətləb. Hər axşam kurslara gedərkən sənə Təkcə molla Cəbi baxırdı çəp-çəp. Budur dərsin, işin, budur futbolun, oğrudur məqsədin, doğrudur yolun. Ay səhər, nə gözəl oxuyursan sən! Özünü iclasa toxuyursan sən! Onlara deyirsən: komsomol olun, Bunlara deyirsən: məktəbdə dolun. Düşünmə boş yerə, ay Qoşqar kişi, Qızının ccanı sağ, yoxsa da oğlun! Səhər, illər keçdi, boy atdın demək, Atana əlini uzatdın demək. Bildin həyat nədir, bildin iş nədir, Bu gəliş, bu gediş, bu gərdiş nədir. Atanın dadına tez çatdın demək, İxtiyar başını ucaltdın demək. Keçincə könlündən bir incə duyğu Sevdanın könlünü qanatdın demək. Şaqraq çocuqluğu yendin, devirdin, Sən gözəl könlünü bir gəncə verdin. Vermədin əlindən ixtiyarını! Gənclik kitabının yarpaqlarını İki il onunla birgə çevirdin; Sən onu canından artıq sevirdin. Qızların içində onun söhbəti, Onun məhəbbəti olmuşdu virdin. Sevdaya düşməyən bir həyat heçdir. İç onu, gör necə sərin atəşdir! İç onu, iç onu, könlün şən olsun; Həyatın rəngbərəng bir gülşən olsun Sevgi gözəlliklə ayrılmaz əşdir, Biri aydır onun, biri günəşdir. Sevgini işinə, qəlbinə bağla, Ömrümüz onunla şəndir, güləşdir! Cahan bir bağçadır, insan ağacdır, Məhəbbətsə ona sudur, əlacdır. Düşün ki, ibtila, dünyada ancaq, Insanı eyləmiş donuzdan alçaq, Insan məhəbbətə daim möhtacdır. Tək sanma cismani bir ehtiyacdır. Ürək bir qönçədir onun başında, Sevgi şən-şən ötən bir sindivacdır. Uç, Səhər, uç, Səhər, bizim ölkədə Aramaz eşqini qadın kölgədə. Uzaq üfüqlərin altında lakin Ehtiyac etmədə qadını miskin; Məhəbbət ləkədə, könül ləkədə; Həyat ən çıxılmaz bir təhlükədə. Siyasi dərsində bu həqiqəti Müəllim söyləmiş sənə bəlkə də. Artıq, Səhər, səni sevmək qolaydır, Bir suyun günəşdir, bir suyun aydır. Tərifin söylənir ellər içində, Adın şirin-şirin dillər içində. Deyirlər quzu tək olduqca naydır, Elçilər qapıda alay-alaydır. Bir aşiq də səni görüb soruşdu: “Sənə bu gözəllik haqdanmı paydır?” -V** Çəkilib irəli sən də sonrası, Seçilib olmuşdun bir kənd şurası. Atılıb iclasda söz danışanda, Danışdığın sözü düz danışanda, Qalxardı salonun ura-urası, Sellərin, suların orkestrosu Coşarkən bu zaman sənin adına, Ömrünün xoşuma gəldi burası. Səhər, gənclik kimi mövsüm də yazdır, Gündüz sərin keçir, gecə ayazdır. Axır sellər, sular, bulanır, axır, Dağların başına dolanır, axır. Quzeylər hələlik qardır, bəyazdır, Yaşıl dağ döşləri mehmannəvazdır. Çobanın çaldığı dağ başında ney, Aşığın yamacda çaldığı sazdır. Bu yaz dağda gül, bənövşə içində, Beş-altı qızdınız nəşə içində. Ah, o gün nə qədər sevimli gündü! Birdən qarşıda bir atlı göründü, Əsdin bir qorxulu rəşə içində, Qırıldı bir zərif şüşə içində. Yıxıldın, sabahı özünü gördün Bir dar mağarada, meşə içində. Kənd öylə sanırdı, Səhər, o gün sən, Bəylərlə qoşulub qaçan özünsən. Sevdiyin Qara da öylə sanırdı, Hirsindən gözləri alovlanırdı. Bilməzdin nolacaq, heç kəndə dönsən, Qaranın gözünə bir də görünsən. Gör sən nə haydasan, el nə haydadır, Elinki qiybətdir duysan, düşünsən. Səni əsir edən Bəylərdi, ay qız! Sən çəkə bilməzdin bu dərdi, ay qız! Bəylər, o qolçomaq Ağanın oğlu, Ürəyi kin dolu, intiqam dolu, Baxışı sanki bir nəştərdi, ay qız! O sənə ər olmaq istərdi, ay qız! Bir yandan iltifat, bir yandan qorxu, Sənə min bir sifət göstərdi, ay qız! Atıldı üstünə Bəylər harınca, Alma yanaqların döndü narınca. Əlindən sıçrayıb çıxdın quş kimi, Baxdı bir az sana qudurmuş kimi. Dedin, qollarını təkrar sarınca: “Məni sel aparsın sana varınca. Çəkil, nə istərsən ətəklərimdən, Ehtiras çölündə gəzən qarınca.” Duyğusuz, qanına sanki qanıqdı, Bu zülm deyildi, bu bir yanıqdı. Dedin: “Ey yaramaz, bu da vicdanmı? Bədənimdə gəzən qamçı ilanmı?” O səni yumruqla torpağa yıxdı. Bütun duyğuların sonuna çıxdı; Bilmədi heyvanlar, bilmədi quşlar. Ormanda çəkdiyin nə qışqırıqdı. Bu qədər qorxulu duzaq olurmu? Yollar da bu qədər uzaq olurmu? Ağaran dan yeri bir gümüş kimi, Sənsə günbatana gömülmüş kimi. Bu yerdə qol-qanad açmaq olurmu? Bir qartal olsan da uçmaq olurmu? İstər dağ qarısı, istər insan ol, Bu qara zindandan qaçmaq olurmu? Bir gün Bəylər səni qoymuşdu yalnız, Çırpınır, dururdu qəlbin aramsız. Bu vəhşi ormandan uçmaq dilərdin, Bu qara zindandan qaçmaq dilərdin. Neyləsin bu yerdə zavallı bir qız!.. Tapdın, bir çobana etdin dil-ağız. Hardansa bulmuşdun qırıq bir qələm, Yazırdın qarşında parça bir kağız. Deyirdin: “Ey qələm, təhrirə gəl, gəl! Ey quruyan dilim, təqrirə gəl, gəl!” Ürəyin nə isə çox tələsirdi, Yazırdın, əlində qələm əsirdi. Yazırdın: “Ey Qara, tədbirə gəl, gəl! Bağlanmış kimiyəm zəncirə, gəl, gəl! Qulağım səsdədir, gözüm yoldadır, Salma yardımını təxirə, gəl, gəl! Mənim sevgilimə bircə sözüm var, Yansam da, qəlbimdə hələ dözüm var; Od suya düşəndə sızıldamazmı? Mənim də göz yaşım, atəşim azmı? Nə gecəm gecədir, nə gündüzüm var, Başqasında deyil, səndə gözüm var. Nə qədər əssə də çoşqun küləklər, Sovda yollarında yenə izim var! Gözləyərəm sizin sarıdan haray, Ey sevgimdə məni yarıdan, haray! Bəylərin əlində bir dustağam mən, Hələ ölməmişəm, hələ sağam mən. Haray, haray mənə anrıdan, haray! Yenə keçdi gecəm yarıdan, haray! Bilirsən, gözləmək hədərdir indi Pirdən, peyğəmbərdən, tanrıdan haray!” -VI** Bəylər öküz kimi yatmışdı sərxoş, Paltarilə yerə sərilmişdi loş. Bir daş bulaq kimi qanın qaynadı, Çəpərdə quş kimi gözün oynadı. Dedin öz-özünə: “Bu fürsət nə xoş Əhə, al nağanı ehtirasla coş, Öldür bu alçağı, çıx bu dərədən, Bu sirli meşədən azadlığa qoş!” Sürahi qəlbinə dolmuşdu bir kin, Əski şərab qədər qüvvətli, kəskin. Dayandın Bəylərin səssiz yanında, Acıq atəşləri axdı qanında. O, xor-xor yatırdı yerində çirkin, Öldürmək istədin sən onu ilkin, Qəlbində silməyə həmən bu hissi Kim sana söylədi titrəyib çəkin?! Titrədin, silahın düşdü əlindən, Heç bir şey çıxmadı bu əməlindən. Nə yaxşı, yuxudan qalxmadı Bəylər, Qəzəblə üzünə baxmadı Bəylər; Yoxsa yapışaraq ipək telindən, Keçirərdi səni bir qan selindən. Olardı bir üzün şimşəkdən qara, Bir üzün payızın qəm xəzəlindən. Ay, Səhər, Bəyləri niyə vurmadın? Neçin əsdi sənin qolun, qanadın? Neçin öldürmədin yağını, Səhər?! Içirmədin ona ağını, Səhər?! O, aldı ömrünü yenidən satın, Bu dönüş yolunda niyə axsadın? Bir bıçaq ağzına düşən quş kimi, Ürəyin titrədi neçin, ey qadın?! Düşün, quduz kimi birdən qudurdu, Böyük rəhbərini bir qadın vurdu. Ağların qadını böylə yaparkən, Çaxmağı çaxmadın, bilməm neçin sən?! Neçin bu həmlədən əllərin durdu, Duyğun düşüncəni göyə sovurdu? Səni aciz edən sadə zəiflik, Onu çırpındıran möhkəm şüurdu. Çox keçməz, ay Səhər, sən də bəşərsən, Bu acı səhvini başa düşərsən! Bilərsən bu döyüş, bu həyat nədir, Nədir dünyadakı partapart, nədir, Sən də yavaş-yavaş möhkəmləşərsən, Döyuş meydanında yaxşı bişərsən. İşdir, bir qolçomaq əlinə keçə, İpini gizlicə özün eşərsən. -VII** O qədər vermədən ara, gözəl qız! Çatdı harayına Qara, gözəl qız! Artıq nə iztirab, artıq nə qorxu Ağalıq etməsin qəlbinə qorxu! Baxma, düşdünsə də dara, gözəl qız. Tapıldı, dərdinə çara, gözəl qız! Söylə, öz gülünü cahan bağında Bulbül tapşırarmı xara, gözəl qız?! Qaçmışdı qorxudan üzünun qanı Əyilib yenidən aldın nağanı, Səhər, ürkə-ürkə baxıb arxana, Əlvida eylədin, həmən zindana. Səmada ulduzlar göz yaşın sanı, Gördün nur içində bütün dünyanı. Çıxarkən dişarı ürək dolusu Qucaqladın səni sevən Qaranı. Yatırdı hər şeydən Bəylər xəbərsiz, Qoydunuz üstünə atın yəhər siz. Minincə sel kimi çıxdı ovuqdan, Sürəti şimşəkdən, ayağı oxdan, Dırnağı dəymədən torpağa, yersiz, Keçdi ömür kimi tozsuz, kədərsiz; Kölgəniz düşmədən deyirlər yerə, Keçdiniz, getdiniz burdan, Səhər, siz. Kopüklər axaraq atın yalından, Ulduz qığılcımlar qopdu nalından. Bir qıvrım dumandı, bir qıvrım alov, Deyirdin Qaraya: “Qov, dalımca qov! Bəylər hey yağdırsın güllə dalından, Çıxarmı mindiyin bu at halından? Külək rəftarını görmüş olaydı, Kimsə söz açmazdı öz xəyalından. Demək, sürdun atı Qaradan gözəl, Olmadı qarşında yoxuşlar əngəl, Qalmadın sevdiyin Qaradan geri. Burax, Şərqin, Qərbin alimcikləri Erkəyi qadına yazsınlar bədəl, Sən tovla qamçını göydə mükəmməl, Sanki at üstündə sən bir dumandın, At sənin altında bir sarı məşəl. Bir kərə altında büdrəmədən at, Ay Səhər, mənzilə çatdın salamat. Mənzilə çatanda sən bilirsən ki, Bir şərqli karvanın susmada zəngi, Sənin çarpan köksün durmadı fəqət, Ürəkdə döyüntün çoxaldı qat-qat. Bu döyüşdən çıxan kinli köksünün Telləri çalırdı min bir muğamat. Sonra kimdi o qız əsəbi, titrək, Kolxozçu kütləyə yol göstərərək, Çovğun bir gecədə dağlara çıxdı, Acıqla qundağı döşünə sıxdı? Ona salam verdi əsib keçərək, Dağların başında hayqıran külək. Kimdi qaçaqlara, kimdi Bəylərə, O gecə əmr edib yedirən kötək?! Yapan bu şeyləri səndin, ay Səhər! Nə qədər o gecə şəndin, ay Səhər! Bəylərin əlini, qolunu sardın, Bir baxışla onun bağrını yardın. Demək, qart yağını yendin, ay Səhər! Üstünə dağ kimi endin, ay Səhər! Nə olur, bir az da məndə olaydı Sənin siyasətin, fəndin, ay Səhər! Nəşəli səsində qəmli bir ahəng... Sevincdən göz yaşın axdı rəngbərəng. Dolambac yollardan çıxdın bir düzə, İztirablı gecən döndü gündüzə. Dan yeri alnına hördü bir çələng, Artıq həyat sənə göründü qəşəng, Ellər, bir duyğusuz erkək arslanı Yendi, söyləyiniz, dişi bir pələng! Könül, keçmişləri hey xatırla sən, Hey bu yay köksümdən çıxıb fırla sən. Hey çırpın, hey döyün, hey gül, hey ağla! Səhərin dastanı sığmaz bu nağla! Yox, könül, onunçun oxu, yırla sən1, Sözlərdən bir yeni mif hazırla sən. Sözün mənası var, sözün dərdi var, Gəl bir qılınc oynat, hər satırla sən! Sən də yüksəl, qadın, bu nə deməkmiş, Guya saçın uzun, ağlın gödəkmiş... Zəifmiş deyirlər balıq ətlərin, Duyduğun dərdlərin, müsibətlərin Fəqət kim bir dəfə adını çəkmiş. Guya sənin işin bəzək-düzəkmiş. Xəbər vermək üçün başarığından, Oktyabr kimi bir gül gərəkmiş. Gərəkmiş Leninin çağırışları, O mətin dühanın hayqırışları. Onun urəyindən qopan atəşlər, Ey qadın, üfqundə yaxdı günəşlər! Yazıq, bir taleyin ələm xışları Açarkən alnında qəm qırışları. Nə bilim bir düha doğuraçaqmış, Hüquqsuz ömrünun acı qışları.. Uç, qadın, uç, qadın, sən nə mələksən; Nə altun qanadlı bir kələbəksən! Səni, düşgünlüyə uyanlar ancaq Ehtiras əlində etdi oyuncaq. Sən nə hərcayi quş, nə şux çiçəksən! Nə bizə tor quran bir hörümçəksən! Sən ey insanlığın ilk əkinçisi, Dünyanı şənlətmiş, şənlədəcəksən!.. Ey Səhər, qəm basar dünyamı sənsiz, Tükənər şairin ilhamı sənsiz. Ey Səhər, ey ana, ey gözəl qadın, Inan, özün qədər şirindir adın. Sürdülər o keçən əyyamı sənsiz, Pozuldu dünyanın nizamı sənsiz. Keçirmək olurmu, ey yaxşı yoldaş, Gələcək möhtəşəm bayramı sənsiz! Ey cəbhə yoldaşım, ey can yoldaşım! Vaxtilə meydandan qaçan yoldaşım. Qadın hər cəbhədə böyük qüvvədir, Bu söz rəhbərimdən bir vədiədir. Ey göy dənizlərdə uçan yoldaşım, Ömur yelkənini açan yoldaşım. Bu uçuş, bu qanad, bu firuzə göy Sana verilmişdi haçan, yoldaşım?! Mən səni almadım sadə xülyadan, Mən səni öyrəndim bizim dunyadan. Ey böyük həqiqət, ey şirin xəyal, Ey nazlı göyərçin, ey güclü qartal! Nə ölüm xofudur qəlbində yağan, Nə şəhvət qurdudur səni oyatan! Mənin qəhrəmanım seçilsin gərək Həm Kleopatradan, həm Ofelyadan! -VIII** Doğrudan, nə qədər gözəldir payız, Ona söyləməyin vərəmli bir qız. Onun da sevimli bir halı vardır, Bəlkə bir nəşəli məlalı vardır. Dostlar, əlinizdən çıxdı yayınız, Bu gün təbiətdən budur payınız. Baxarkən göylərə, bir gənc şairin Buludlu uzünü xatırlayınız... Solğun təbiətdə bir ayrılıq var, Baxır yarpaqların ardınca dallar. Dönmüş kəhrəbaya sular xəzəldən, Əlində cam tutmuş ruzgar xəzəldən, Məst olub özünu ətrafa çarpar. Bəzən də hirsindən buludlar ağlar. Yaman yerdə çıxdı əlindən, ey gənc, Eşinlə gəzdiyin kölgəli bağlar. Bir payız fəslində sən də bir səhər Kəndindən ayrıldın axır birtəhər. Gözün hər addımda dala baxırdı, Lakin içində bir arzu axırdı: “Görəsən necədir, deyirdin, şəhər?” Atılıb mindiyin dəmir bir kəhər Gətirib çıxartdı səni Bakıya, İlk dəfə şəhəri gördün, ay Səhər. Bu şəhər Bakıdır, yaxşı bax, ay qız! Atsın baxışların qol-budaq, ay qız! Bir bax, nə möhtəşəm mənzərədir bu, Şərqə ilk açılan pəncərədir bu. Inqilab yurdudur bu ocaq, ay qız! Dünyanı eyləmiş çilçıraq, ay qız! O vermiş, o verir zor nəhənglərə Ehtişam, dəbdəbə, təmtəraq, ay qız! Uğulda, ey xəzri, çalxan, ey Xəzər! Canlansın qonağın qəhrəman Səhər. Sevirəm qorxulu uğultunuzu, Coşqun musiqili gurultunuzu. Ah, məndə olaydı sizdəki təpər, Görün göstərərdim necə bir hünər! Bu yaxında bizə gərək olacaq Şaxlanan dalğalar, qalxan küləklər. Sevirəm səni mən, ürəyim, qanım, Düşüncə şimşəyim, duyğu tufanım, Həvəs çağlayanım bütün sənindir, Mənim şirin canım bütün sənindir. Sənindir, ey Bakı, şerim, divanım, Can evim, can bağım, canlar bağbanım. Mətin xəyalları üstə döydüyüm Köküs dedikləri şeir zindanım. Sevirəm, nə çapuq hərəkətin var, Xəyala sığmayan əzəmətin var. Sevirəm, asfaltlı küçələrini, Sevirəm, ulduzlu gecələrini. Sənin qaranlıqla ədavətin var, Hələ bundan sonra qiyamətin var. Yeni bir əfsanə, yeni bir mifin, Yeni bir dünyaya məhəbbətin var. Sevirəm, sevgimin varmıdır sonu, Fiklrli qızını, alim oğlunü. Xalqa can deyərək iş görənləri, Gözəl kəndimizə ruh verənləri. Sevirəm, mənə çox görməyin bunu,- Şirvana çəkdiyin şose yolunu, Belinə sırmalı bir kəmər kimi Yarın sarılacaq Kürün qolunu. Sevirəm gördüyün böyük yarını. Uzun gecələrin iclaslarını, Tarixdə açılan yeni devirdən, O böyük plandan, Mingəçevirdən Öncə xəbər verən el cuvarını, Güləş insanlığın şən baharını, Bizim dağ parkında gəzməyə çıxan Totuqlu gəlini, qızı, qarını. -IX** Nədir bu qarşımda yüksələn kulub, Önümdə heyrətlə boşalıb dolub? Sevirəm doğrulan həyatınızı, Ey şura qadını, ey şura qızı! Bu fağır sözləri ürəkdən bulub, Neyləyim, olmuşam hissimə məğlub. Yar məktubu kimi ovcunda sıxsan, Qəlbimin qanını sızar bu üslub! Ay Səhər, heyrətlə süzmə kulubu! Dəyişir həyatın burda üslubu. Bu sənət ocağı, elm ocağıdır, Əski yaşayışı vurub dağıdır. Əli Bayramovun adınadır bu... Neçin bir heyrətin oldun məğlubu?! Nələr öyrənməmiş burda, ay Səhər, Minlərcə Tükəzban, minlərcə Tubu?! Dəyişdi fəsillər, dolandı illər, Axdı gah bulaqlar, gah duru sellər. Burda dərs oxuyub qazandın bilik, Dedin: “Nə gözəldir təyyarəçilik!” Bu gözəl sənətə salıb meyillər, Səhər, üfüqlərə uzatdın əllər. Siz də böylə olun, böylə yüksəlin, Səhərdən dərs alın, ellər, ay ellər! Uç, Səhər, bu uçuş həvəsin gözəl, Göylərdən duyulan şən səsin gözəl. Quş kimi müəlləq vuruşun xoşdur, Gərib qanadını, duruşun xoşdur. Şair bu barədə nə desin gözəl? Hər düşüncən gözəl, hər hissin gözəl! Qoy bilsin bu dünya: çarşaf deyil də Sənin buludlardır, qəfəsin, gözəl! Qoy sənin adına qopsun alqışlar! İnsanlığı sevən səni alqışlar. Alqışlar sənin də istedadını, Alqışlar ananı, sevər qadını. Vüsalınla yazlar, hicrinlə qışlar Qəlbini həyata, eşqə bağışlar. Nədənsə ruhuma toxunur bir az: “Vərəmli çöhrələr, məhzun baxışlar.” Qadın tarixini bir yaxşı yoxla, Səni kim eylədi əlində kukla?! Satdın varlığını sadə ət kimi, Dolmuşkən köksümuz məhəbbət kimi Ən gözəl, ən təmiz, ən saf duyuqla. O qəlbi kim vurdu bir acı oxla?! Kim sənin bükülməz boynunu bukdu İncidən yapılmış boyunduruqla?! Uç, yayılsın səsin min bir diyara, Qəbrində duşməni bassın bir qara! Qadına dünyada dörd şey gərəkmiş: Məbədmiş, çocuqmuş, evmiş, bəzəkmiş. Sən bu laqqırtıya vermə bir para. Uç, Səhər, Hitler də qalsın avara. O bayquş bir dəmir xarabalıqdan Deyir: “Qadın hara, siyasət hara?!” Uç, Səhər, müstəqil həyatın gözəl! Qırılmaq bilməyən qanadın gözəl! Xoşdur bərabərcə əməyin sənin, Dəyir dünyamıza köməyin sənin. Yaslıda bəslənən övladın gözəl! Dəbdəbən, təntənən, büsatın gözəl! Yeni ailəyə şənlik gətirən Məhəbbətin gözəl, muradın gözəl! Siz, ey döyuşlərdə aşıb-daşanlar, Dostluq məclisində qucaqlaşanlar! Səhərçin gurlasın hər sevinciniz, Onunçun yüksəlin ən birinciniz! Siz, ey “bir az daha” deyib çoşanlar, Dağ-dağ buludları keçib aşanlar! O da öylə sanır, onundur bütün Bu aylar, günəşlər, bü kəhkəşanlar!. Sanır ki, bu dunya yeni yaranmış. Bu ulduzlu fəza yeni yaranmış; Yer günün başına yeni dolanır. Ay yeni parlayır, gün yeni yaranır. Sanır Adəm, Həvva yeni yaranmış, Məhəbbət, macəra yeni yaranmış. Şair dediyi bu canlı duyğu, Bu maraqlı məna yeni yaranmış. Uç, Səhər, uçuşun yeyin olsun qoy! Qalxdığın fəzalar əngin olsun qoy! Çalış, uçurumdan çıxar özünü, O tozdan, qurumdan çıxar özünü. İşlə, qanadların gərgin olsun qoy! Cəmiyyət daha da zəngin olsun qoy! Həyat suya düşən, aynaya düşən Bir şən işıq kimi rəngin olsun qoy! Qaşlardan qaşlara süz, romantikam! Könül sularında üz, romantikam! Bu əngin sənindir, bu yer sənindir, Ulduzlar sənindir, güllər sənindir. Çırpınsın şövqünlə söz, romantikam, Ey mənim könlümə göz, romantikam! Bu zəngin varlığı bəzəsin, burax, Mənim öz xəyalım, öz romantikam! * * * Söylə Günlərim axışır bir uyğu kimi - Dərədən-dərəyə axan su kimi, Dilbərim hərcayi bir ahu kimi Hicran dağlarını aşarmı, söylə? Sənsiz nə zövqü var bağın-baharın? Açan çiçəklərin, uçan quşların? Sənsiz cənnət olsa kainat yarın, Heç mənim ruhumu oxşarmı söylə? Səninlə bağlayıb mən əhdi-peyman, Dedim qismətimiz olmasın hicran. Müşfiq quş olsa da, görəsən bir an Səndən uzaqlara uçarmı, söylə? * * * Su və külək Zaman gələr Torpaq bizdən Əsirgəyər petrolunu. Fəqət möhkəm bolşeviklər Mübarizə sahəsində Yadırğamaz rolunu. Yer üzündə sular var, Sularda dalğalar var, Dalğalarda ruzgar var, Həpsi- bizim qüvvətimiz... Biz suları, küləkləri Fəth edəriz. Külək- qüvvət, Su- qüvvət, Nə genişdir təbiət. Bu il məchul iqlimlərə yelkən açan Gedişlərin bayramı. Fil xortumlu maşınların, Xortumları altındakı Qart dişlərin bayramı. Başımızın üzərində Hızla əsən Qayalar var. Ayağımız altında ilan-ilan Qıvrılan çaylar var. Həp bunlarla genişlər Dünyamızın çərçivəsi, Bu çayların hər dalğası Bir sarsılmaz at qüvvəsi. * * * Sürət bayramı Yaşasın məmləkətin tunc oğlu, İldırımlar kimi qorxunc oğlu. Yaşasın daş kimi muskullarımız, Yaşasın tökmə, dəmir qollarımız. Canımız top kimi sağlam, qıvraq, Qanımız pənbə şəfəqdən parlaq. Fikrimiz cilvəli, aydın bir su, Hissimiz nəşəli bir yaz doğuşu. Bir qızıl quş kimidir bizdə xəyal, Devrilir dağlar, açarkən şahbal. Sayımız ölkədə milyon-milyon, Köksümüz sankı balon. Qoy utansın gecələr şəbpərəsi. Sıxılan yumruğumuz yer kürəsi... Nəyə lazım sarılıq, solğunluq, Bizdə var qırmızılıq, dolğunluq... Tökmə bir şey kimi sıxdır aramız, Göydə dirjabilə bənzər sıramız. Gəziriz, oynayırız asuda, Göydə, topaqda, dərin mavi suda. Gördü ceyran bizi atlandıqda, Durna mat qaldı qanatlandıqda. Projektor kimi parlar gözümüz, Keçər hər cəbhədə daşdan sözümüz. Xəstəlik qoxmaya bilməz bizdən, Yaşasın güclü bədən! Biz iradəylə doğan bir axınız, İczə düşmən, gücə qəlbdən yaxınız. Bizdədir sinfi şüurun əsli, Adımızdır yeni insan nəsli. Yerə düşməz atılan futbolumuz, Bir sinif cəbhəsidir son yolumuz! * * * Son Bu yeni il Stalinqrad Zavodlarında çıxan, Ukrayna çöllərini, Özbəkistan, Azərbaycan millərini Hərəkətə gətirən Pambıq, taxıl yetirən Traktorlar bayramı. Div motorlar bayramı. Bu yeni il Bizə həyat, Bizə yeni bir kainat Bizə qat-qat Əzm-səbat Gətirən il. Bu il bizdən əvvəlki Köhnə sərxoş il deyil. Bu yeni il xaricdəki düşmənlərin Şaşdığı gün. Proletar qüvvəsinin Aşıb-aşıb daşdığı gün. Bu yeni il insanları dəyişən il, Bu yeni il ictimai cəmiyyətçin döyüşən il. Bu yeni il dünyamızı çevirməkçin Bir istinad noqtası. Bu illərin əlindədir Kapitalizmin noxtası. * * * Sındırılan saz -Proloq** Mənim qəhrəmanım bir gənc aşıqdı, Çox acı günlərdə araya çıxdı. Bağrına basdımı sədəf sazını, Çəkərdi ölkənin, elin nazını. Həyat səslənirdi onun səsində, Üçtelli sazının coşqun səsində Silsilə dağların suları çağlar, Bəzən qərib-qərib bir könül ağlar. Bəzən şaqır-şaqır bir quş ötərdi, Aşıq olan yerdə elin nə dərdi?! -I** Yazdır, təbiətdə coşqun bir ahəng, Dərələr rəngbərəng, dağlar rəngbərəng. Hönkürub ağlayır göydə buludlar, Yerdə gülümsəyir çiçəklər, otlar. Baharın eşqilə çırpınır hər gənc, Yazdır, gəlin kimi bəzənmiş Xələnc. Havalar ilıqdır, sınmış soyuqlar, Çıxmış seyrəngaha qızlar, çocuqlar, Hər kəsin əlində bir gül dəstəsi, Sağalar qoxlasa illər xəstəsi. Qüssə buludları baxışlarında, Bir söyüd altında, çay kənarında. "Belə ayrılığa dözmək olurmu, Bu qədər insanı üzmək olurmu, Görən bu dağlardan Duman enərmi, Mənimlə bir yerdə kölgələnərmi?" Deyə, ürəyində düşünür Sərin, Fikri qarşıdakı ormandan dərin. Onun seyrangahı çayın qırağı, Sular aynasıdır, yellər darağı. Arxadan bir addım səsi yüksəlir, Duman tövşüyərək tələsik gəlir. -D u m a n** Sərin, ay qız, Sərin! -S ə r i n** Sənmisən, aman! Gün günorta çağı, ayıbdır, Duman, Çıx get! -D u m a n** Qorxma, Sərin, bir kimsə yoxdur, Bu qədər ürəyin niyə soyuqdur? -S ə r i n** Ayıbdır, ay Duman, görən nə söylər? Bilsə anam məni, abırdan eylər. -D u m a n** Mən neçin tələsik bura yüyürdüm? -S ə r i n** Yetər ki, bir qədər uzünu gördüm. -D u m a n** Bəs haçan göruşək? -S ə r i n** Gecə gələrsən, Burda, burda səni gözləyərəm mən. Ey baba torpağı, ey köhnə Bərmək, Çətindir şerimdə ruhunu görmək. Düşmuş kitablara hansı mənzərən, Bir sirr sandığıdır hər məchul dərən. Xilqətin füsunlu həyəcanları, Sevda məhəlləri, görüş anları, Can kimi sevməli, görməli qızlar, Gözləri binadan sürməli qızlar, Gənclər ki, ruhları dağlar qarından, Hissləri günəşin işıqlarından, Həsrətli gundüzlər, sonsuz xülyalar. İşıqlı gecələr, dadlı röyalar, Göylərə sığmayan parlaq diləklər, Ulduzdan ulduza uçan mələklər, Bu ana torpaqdan uzaqlaşmalar, Göylərdə ətirli qucaqlaşmalar, Səhər yoldaşlara açılan yuxu, Dağlara, daşlara saçılan duyğu, Çoban bayatısı, Kərəm türküsü, Bir öpüş üstündə bağlanan küsü, Göz-gözə dəyəndə dəyişən hallar, Yaxıcı hicranlar, sərin vüsallar, Ələmdən, nəşədən axan göz yaşı. Soyuq yanaqları yaxan göz yaşı. İlk sevda cilvəsi, incə gülüşlər, Uzaq ulduz kimi qönçə gülüşlər, Yorğun maral kimi sakit baxışlar, Bir öpüşdən daha kəskin baxışlar, Dadlı əfsanələr, gerçək səhnələr, Səndə nələr yoxdur, nələr, ah, nələr!.. Sən də açılmamış bir dəfinəsən, Açarı qeyb olan bir xəzinəsən. Yaranır incilər suda yağmurdan, Almaz daş kömürdən, radi çamurdan. Sənin də sərt qışın, yumşaq yazın var. Oxuyan aşığın, deyən sazın var. Gecədir, uyuyur dağlar, yamaclar. Titrəyir yarpağı şehli ağaclar. Ay göyün üzündə olduqca göyçək, Parlayan hər ulduz sarı bir çiçək. Almış təbiəti şirin bir yuxu. Çağlayır havada səssiz bir qoxu. Bir xəfif qanadlı ruzgar əsincə Bu şirin yuxudan səksənir gecə. Ötürüb köksünü Duman dərindən, Dünyanın işıqlı cilvələrindən Ruhlanıb, heyrətlə baxır göylərə, Bu nə təntənədir, bu nə mənzərə!.. Dalmışkən seyrinə gözəlliklərin, Burdən qarşısında boylanır Sərin. -D u m a n** Camalını görən, aya dalarmı? Ulduzlar gözlərin kimi olarmı? Gözlərin bəzənib süzməsin məni, Bu qədər süzülüb üzməsin məni. Qəm kəsib sinəmi budamaqdadır, Neçin gözəl yarım bu damaqdadır? -S ə r i n** Mən səndən küsmüşəm, orda-burda Niyə hər yetəni tərifləyirsən? -D u m a n** Ay Sərin, gözümdə, könlümdə sənsən, Ulusum, oymağım, elim də sənsən! Hər gün and içdiyim əziz başındır, İlk bahar dediyim dolğun yaşındır Mədh etdiyim çinar boyundur sənin, Büllur axan sular soyundur sənin. Dan yeri söyləsəm, açıq yaxandır, Şəfəq – yanağında işıqlı qandır. Qönçə gül dediyim gül dodağındır, Yasəmən dediyim ağ buxağındır. Gözəlsən, gözəldir hər işin sənin, Əsən dan yelləri yerişin sənin. Mən səni sevmişəm dünyada yalnız, Sazımın telləri zülfündür, ay qız! El də bilir Duman sevir Sərini, Kim bəyənməz bu mehriban pərini? Ağıllıdır, duyğuludur, gözəldir, Başdan-başa bayatıdır, qəzəldir. Kim əl çəkər bu dünyada yaxşıdan?! Sarı Nəbi əl çəkdimi Yaxşıdan?!. Hər aşiqin bir canana meyli var, Hər Məcnunu dağa salan Leyli var. Sinəsində məhəbbətin dağları, Şirin dedi Fərhad çapdı dağları. Yazıq Kərəm alış deyə, yan deyə, Od içindən əl uzatdı Əsliyə. Qərib irdi Şahsənəmə, şad oldu, Yerlər, göylər dad ustündən, dad oldu! -II** Payızdır, bağçalar xəzələ dönmüş, Təbiət bir solğun gözələ dönmüş. Təbiətdir bizə şeir söylədən, Yarpaqlar seçilməz sarı şölədən. Bir kiçik nəfəs də onlara bəsdir, Yaranmışın sonu bircə nəfəsdir. Göy qəm dəryasına batmış sanırsan, Buludlar qaşını çatmış sanırsan. Gənclərin sevdiyi gözəl bahardır, Fəqət hər mövsümün bir dadı vardır. Xırmanlar döyülüb, yığılmış taxıl, Fələk dedikləri o namərd paxıl, Çiləyib yağışı, tökməmiş qarı, Yarımdır çoxunun buğda anbarı. Bir kəndli qəmlidir, bir kəndli şaddır, Yenə bir tərəfdə toydur, büsatdır. Qovuşmaq istəyir çünki yar yara, Zurna-qaval səsi düşür dağlara. Buna həsrət çəkir çox tamarzılar; Biri başqasına övlad arzular. Bir ana o birnə deyir qayğısız: "Oğlundan, qızından görəsən, ay qız!" Axşamdır, yolları bürümüş naxır… Kölgəli yollarda toz göyə qalxır. Axşamdır, ürəyi uçur Xaləncin, Hər soyuq qocanın, hər isti gəncin Çalıb-oynamağa şövqü, meyli var. Çoxu qızışdırıb yenə söhbəti, Toydur bu axşamkı çənə söhbəti. Gəl, mənim aşığım gəl, Məclis yaraşığım gəl! Səsində el gücü var, Yel gücü, sel gücü var. Arxan elə bağlıdır, Bülbül gülə bağlıdır. Sözümün başı sənsən, Gözümün yaşı sənsən. Dağ məndə, duman səndə, Dərd məndə, dərman səndə Mənim ötkün səsimsən, Ney olsam, nəfəsimsən. El sədəfdir, sən inci, Pis günümün sevinci. Yanğın vardır, suya get! Toydan çıxdın toya get! Toğlular kəsilmiş, bir soyhasoydur. Bu necə büsatdır, bu necə toydur? Canım, çalan hanı, oxuyan hanı? Kəsalət qaplayır burda insanı, Yerində buz kimi donmuş qonaqlar, Şəklənmiş mollaya sarı qulaqlar. Deyir Molla Nəcəf tanrıdan, dindən, Yeddi qat fələkdən, yerin dibindən, Əlinin, Vəlinin şücaətini, Həsənin, Hüseynin müsibətini, Sayır ağladıqca, yaxıcı səslə, Məclis də dinləyir onu həvəslə. – Başımız getdi ki, ağzı yumulmuş… Hardan gəlib çıxdı bu qara bayquş? Çana doyduracaq bizi axırda. Altdan-altdan bizə hələ baxır da, Sanki marıtlayıb oğru bir pişik. Biz toya gəlmişik? Yasa gəlmişik? – Ay qız, yum ağzını, eşidər. – Burax! Uzun danışmasın bəlkə bu sarsaq, Bu necə toydur ki, deyib-gülən yox? Can kimi sallanıb bir suzulən yox? Qızlar böylə deyir. Eyni zamanda. Hirsindən qovrulur gənclər bu yanda. Mollanı duymayır, neyləsin çoban, Zorlamı ağlasın zavallı insan? Buna qurddan danış, qoyundan danış, Başına gətrilən oyundan danış. Nağıl aç köpəklə qurdun bəhsindən, Danış sahiblərin haq kəsməsindən… Danış yalnız keçən geçələrindən, Anlasın dərindən, duysun dərindən. Onun düşunduyü həyatı çağır, Çıx, dağlar başından bayatı çağır. Aşıq məclisinə çağır çobanı, Ömrü yalnız keçən fağır çobanı. Gəl, mənim dağımdan, dərəmdən danış, Əslinin yolunda Kərəmdən danış, Ürəyi kövrəlib, gözləri dolsun, O da xəyalında yansın, kül olsun! Budur, gənc aşığım girdi içəri, Bərəldi mollanın paxıl gözləri. "Bəli, bəli" deyib kəsdi sözünü, Suçlu adam kimi boğdu özünü. Yığıb abasının ətəklərini, Zillədi bir səmtə bəbəklərini. Dinib danışmadı tutulduğundan, Çıxınca aşığın saz qoltuğundan Dəyişdi qəlblərin həyəcanları, İrişdi canana sanki canları. -B i r i** Aşıq, boş durmağın vaxtı deyildir. Çalış, öz gücünü bu toyda bildir! -D u m a n** O şənlikdə, bu şənlikdə Şirin-şirin dil mənimdir! Ötmə, bayquş, çəmənlikdə Mən bulbüləm, gül mənimdir! Sənsiz könlüm ağlar mənim, Göz yaşlarım çağlar mənim, Fərhad olsam dağlar mənim, Məcnun olsam çöl mənimdir! Duman uymaz sarsaq sözə, Məhəl qoymaz axmaq sözə, Kim nə deyir bu sağ sözə, Mən elinəm, el mənimdir! Könül dənizləri dalğa-dalğadır, Sanki sazın səsi bir qasırğadır; Yelkən xəyalları almış önünə, Sürür bir əsrarlı sonsuz ənginə. Bu coşqun səsləri eşitməyən yox, Bizdə, bilən bilir, bu səslər ən çox Oyadır eşqini ölümsüzlüyün, Həyatda bir qədər olunca küskün. Bu səslər ürəyin ovunsun deyə, Sürükləyir bizi əbədiliyə. Bir də saz əzəli sənətimizdir, Elin ruhu kimi səsi təmizdir. Bunu saz səsinə dalanlar bilər, Aşıqla baş-başa qalanlar bilər. Ay keçir, il keçir, dolanır zaman, Düşməyir kimsənin dilindən Duman, Cana can eşidir o hər tərəfdən. Kənd soyumuş kimi Molla Nəcəfdən, Hörməti azalır el arasında, Təkdir bayquş kimi xarabasında. Evindən yığılıb gecə söhbəti, Onun danışığı, bunun qiybəti. Deməyir Kərbəla müsibətindən, İndi insanların məhəbbətindən, Qəlbindən dəm vuran aşıq Duman var, Indi hər yığnaqda saz var, kaman var. El də duyur, görür özünü bunda, O, can çürütmüşdür sənət yolunda! Şeirdir ömrünün şirin laylası. Şeirdir düyünü, şeirdir yası. Məndən sormayınız nəçidir Nəcəf, Burda olmalıyam bir az bitərəf: İşi, – bilən bilir, – miras yeməkdir, Ara çaxnaşdırıb yalan deməkdir. Fikri hər gələni qələmə vermək, Pulunu gizlicə sələmə vermək. Qışın çilləsində gəlir yazlığı, Xalqa bəlli deyil danosbazlığı. Buğdası anbarda bir neçə xalvar, Zahirdə dövlətdən, maldan nəyi var: Bir qarğı qələmi, bir qələmdanı, Əlvan mürəkkəbi – göyərçin qanı. Kaftar dərisinə duadır yazır, Hər gun xəyalında bir qəbir qazır. Ona söhbət açın elin şərindən, Xoşdur vay xəbəri toy xəbərindən. Onun yasdan yasa çəkilir adı, Gözəllər telinə yazaraq cadı, Yazıq ərkəklərə qurd yağı sürtür, Hər açıq dəliyə başını dürtür. Oxuyur arpaya ürəkdən isim, Düzür hər küpəyə bir dürlü tilsim. Durmuş fırıldaqla xalqın başında, Piylənmiş göbəyi xeyrat aşında. Yamandır son zaman Nəcəfin halı, Dumanın hər yerdə ötkəm xəyalı Çıxaraq yoluna bir əngəl kimi, Durur qarşısında bir heykəl kimi. Bu qara paltarlı, ağ başlı şeytan, İtirmiş başını öz qorxusundan. -III** Qarlı, fırtınalı bir qış axşamı, Sərinin atası yazıq Bayramı Salmış molla Nəcəf dili altına: – Bir yazığın gəlsin öz övladına, Söylə, zurnaçıya qız verilirmi? Bütün çalğıların kimsə bilirmi Günah olduğunu? Cavab ver, cavab! Özünə yaraşan bir kürəkən tap! Ağzından süd iyi gələn bir uşaq, Arvad saxlayacaq? Axmaqsan, axmaq! Qızının layiqi ağa Dadaşdır. Varlıdır, səxidir, hər yerdə başdır, -B a y r a m** Qızın meylini də sormaq gərəkmi? Kim bilir, Dadaşı istəyəcəkmi? Onun istədiyi, məncə, Dumandır. -N ə c ə f** Kökündən kəsərək atmaq asandır Bir dal ki, sallana çölə divardan, Qan çıxır o dalın verdiyi bardan. Bir də ki, sən fağır, o, qolçomaqdır; Verməsən, bir əngəl çıxaracaqdır. -B a y r a m** Xoşdur iki başdan olsa məhəbbət, Bir başdan olursa, olur əziyyət. Bir də hampa Dadaş bizdən uzaqdır; Dadaş sərt adamdır, Sərin uşaqdır. Eh, görək nə olur!.. Nə olacaqdır? İşlər öz yoluna qoyulacaqdır. Budur, Molla Nəcəf qarlı yolları Qovdurub atını, eyləmiş yarı. Gedir görüşməyə hampa Dadaşla Gedir məsləhətə min bir təlaşla. Eşib bığlarını Dadaş dinləyir, Hirsindən qovrulub qəlbi inləyir. -D a d a ş** Məni rədd eyləmək, cürətə bir bax! -N ə c ə f** Qaçırmaq gərəkdir qızı, qaçırmaq! Yoxdur bu işlərin başqa çarəsi, Yoxsa kəndimizin o mehparəsi Qismət olmayacaq sənə, yaxşı bil, Yada Bayram kişi qız verən deyil. -IV** Camaat yuxudan erkən ayılmış; Bəs bu xəbər nədir kəndə yayılmış? Deyirlər: "Bu gecə bir atlı dəstə Tökulmüş qəflətən Xələnçin üstə. Bir qız qaçırmışlar? Kimin qızını? "Aşığın mehriban adaxlısını, Sərini, Sərini…" Nə yaman xəbər! Nəcəf götürmuşdür yaxşı ölçülər, Çağırıb Dumana verir məsləhət: -N ə c ə f** Al bu tapançanı, cəsarətlə get! Öldür düşmənini, çıx bu ölkədən, Bəlkə təmizlənsin adın ləkədən. Hər yetən namusun qədrini bilməz, Anadan keçilər, yardan keçilməz. İnsanın qeyrəti hər şeydən başdır, Sərini qaçıran hampa Dadaşdır. -D u m a n** Quşçulu Dadaşmı? -N ə c ə f** Bəli, quşçulu. D u m a n Ah, sənin… Bihəya, binamus oğlu! -N ə c ə f** Topla hövsələni, ağır ol bir az! Özünü üzməklə heç bir şey olmaz. Dadaşın əlində adaxlın əsir, Bu halın hər kəsə etməkdə təsir. Bu axşam Xələnçi tərk elə, get, get, Harda düşmənini görsən, həlak et! Dərd boğur, öldürür qoca Bayramı, Getdi son ümidi, son sərəncamı. Əməl bəslədiyi bir qızı vardı, Onu da qaçırıb Dadaş apardı. "Bir daha yaşamaq mənə ölümdür, Bu nə vəhşilikdir, bu nə zülümdür?" – Deyərək ağlayır zavallı Bayram, Kimi var, Dadaşdan alsın intiqam?! Yalqızlıq… hər dərddən bu dərd yamandır! Qohumu-qardaşı ancaq Dumandır. O kimdir, bu gecə atın belində, Xızı dağlarının qarlı çölündə, Yol kəsir ən iti bir xəyal kimi, Əyilir, düzəlir beli dal kimi? Sınırlı sovuruq, acıqlı çovğun Onun duyğusuna, fikrinə uyğun. Bir bax, mina kimi donuq göylərə, Sınıb parça-parça tökülür yerə. Yel əsir, qar yağır, qaranlıq yağır, Nədir təbiətdə bu çığır-bağır?! Onun bu qaçmadan nə dərdi varmış? Gözündə qorxu yox, yaman çaparmış. O çapır, qəlbində çılğın həvəslər. Köhlənin ağzından çıxan nəfəslər Havada buzlanır qırovlar kimi; Köhlənin gözləri alovlar kimi. O da külək kimi sovurur qarı, Dərin dərələrdən çıxır yuxarı, Qoy çapsın atını, intiqam alsın. Qarı düşmənini yenib, kam alsın! Kəndin mollası da ona get demiş, Get öz düşmənini həlak et demiş. O gedir, o çapır, o baxan deyil; Kəlləsinə vuran qara qan deyil, Qəlbinin qırılmış ilk sevdasıdır, O bütün varlığa indi asıdır. İndi aşığımın günahsız yarı, Qolçomaq Dadaşın qabalıqları Qəhrində əriyib sönür şam kimi, Səhəri dumanlı bir axşam kimi… Onu istəmədən gətirmiş Dadaş, O zaman qiyamət edirmiş Dadaş. Analar əlindən fəryada gəlmiş, Bacılar diz çöküb, imdada gəlmiş. Kimsəyi saymamış, vurmuş-dağıtmış, Başları bədəndən qoparıb atmış. İndi də aşığın qıymış yarına. Keçirmiş Sərini ixtiyarına. Dadaşın evində Sərin əsirdir, Bu ev nəzərində zindanla birdir. Şənlikdə olsa da qəlbi bağlıdır: Bağrı lalə kimi qara dağlıdır. Köküs qəfəsində kədərli bir quş Döyünub, çırpınıb artıq yorulmuş. Dumanın Sərini burada təkdir, Qəlbi zəncirdədir, dili gödəkdir. Xızının üstündən görünür Quşçu, Dağların başında bir kənddir ki, bu, Bu saat qar basmış, görünməyir heç; Nolur, gözəl bahar gələcək er-gec, Yenə şənlənəcək dağlar, dərələr. Nə borandan əsər, nə qardan əsər, Aləm məst olacaq gül qoxusundan, Hər şey oyanacaq qış yuxusundan. Sərinin bəxti də oyanacaqmı? Altun şəfəqlərə boyanacaqmı? Duman gecəyarı Quşçuya girdi; Güclü qar sovurur, külək əsirdi. Gəldi bir komanın önündə düşdü, Yoldaşı Aydınla aşıq görüşdü. – Bu gəlişim sənə bəllidir, Aydın… Şübhəsiz, yerimdə sən də olsaydın, Alardın Dadaşdan öcunü, əlbət, O mənə göstərdi gücünü, əlbət. Mən də öz gücümü göstərəcəyəm; Onun bu zülmünə son verəcəyəm! O mənim sonamı qapdı gölümdən. İndi hampa Dadaş mənim əlimdən Bir dağ olsa belə qurtula bilməz! Allah da bilir ki, bu dərd çəkilməz! Mənim qız Sərinim gəlin olsa da, Bu dərdi daşımaq çətin olsa da, Əzrayıl hökmü var könlümdə mənim, Dadaş ölməlidir əlimdə mənim! – Deyə səhər tezdən Duman geyindi, Quş kimi sıçrayıb atına mindi. Hər tərəfdə boran, hər tərəfdə qar, Uçuşur qanında odlar, alovlar. Ağzında natamam söz qırıqları, Boğulur qəlbində hıçqırıqları. Şərəfi tarimar, qəlbi tarimar, Üzündən, gözündən ehtiras damar! Dadaş atlı gedir aşağı kəndə, Gedir kəndliləri salmağa bəndə. Gedir verilməyən sələm dalınca, Gedir lakin onun ədəm dalınca. Bu işdən Dadaşın xəbəri yoxdur, Üzündə bir təlaş əsəri yoxdur. Budur, qarşıladı onu bir nəfər, Qorxudan Dadaşı basdı vəhmələr, Əl atmaq istədi yanına, ancaq, Duman "Al!" deyərək açıldı çaxmaq. Dadaş at üstündən özünü atdı. Duman "Al!" deyərək, bir də boşaltdı. Dadaş səndələyib yıxıldı yerə, Vəhşi gözlərini yumdu göylərə. Duman kəndə tərəf atını çəkdi; O indi Sərinə yetişəcəkdi. Sərinin Dadaşdan xəbəri yoxdur, O ürəyidaşdan xəbəri yoxdur. Bir dustaq nə bilir çöldə nələr var? İndi əlçim-əlçim təpələyən qar Burümüş Dadaşı bir kəfən kimi. Dumanım Quşçuya yetişən kimi Aydınla bir qədər edib məsləhət, Sərini yanına gətirdi xəlvət. -D u m a n** Sərin, danış, Sərin! Ah, sənmi gəldin, Ulduzdanmı düşdün, göydənmi gəldin? Mehriban nişanlım, göyçək nişanlım, Vəhşi ceyran kimi ürkək nişanlım, Tuzağın necədir, genişmi, darmı? Burdan qurtarmağa ürəyin varmı? Sərinin əndamı əsdi yel kibi; Döndü göyərçinə, titrədi qəlbi. Əydi gözəl-gözəl qərib başını, Süzdü gözlərinin büllur yaşını. Köksü dalğa kimi qalxıb enərək, İpək kirpikləri incilənərək, Sızladı ürəyi bir kaman kimi, Dağınıq saçları bir duman kimi… -D u m a n** Gedirsənmi? -S ə r i n** Aşıq, bu nə sorğudur? Mənim də ən böyük diləyim budur. Ancaq qorxuram ki, bir əngəl çıxar. -D u m a n** Bu fikri könlündən, Sərin, gəl çıxar! İndi hampa Dadaş qar altındadır, Buzlanmış qarların alt qatındadır. -S ə r i n** O, səhər getmişdi aşağı kəndə. -D u m a n** Bəli, vurdum onu yoldan keçəndə, Bu gecə gedirik, kimsə bilməsin. Bura gəlməyin də hiss edilməsin. -S ə r i n** Hara gedəcəyik? -D u m a n** Yaradan bilir. Neçin gözlərindən yaşlar sərpilir? Dağlara, daşlara, çöllərə doğru; Burdan uzaq-uzaq ellərə doğru. Qalın meşələrin, boz dumanların, Kahların, suların və yarğanların Qoynunda tanrının azmıdır yeri, Dəyərmi görməyə bu dinsizləri? Hər iki mehriban Xələncə çatdı; Aşığım ölmədi, diri qayıtdı. Döşünə düşmədi mollanın bu iş, Dedi: "Zalım oğlu yamanca şeymiş!" Dedi: "Nə eybi var, gedər sürgünə, Bir ölumdən daha betər sürgünə. Nə qədər soyuqdur darısqal qəbir, O qədər soyuqdur o geniş Sibir". "Duman, doğrudan da cəsarətin var. Quvvətin, qudrətin, məharətin var. Bil ki, şəriətlə qız Dadaşındı; Neyləyim, sənin də can yoldaşındı. Sizə kəbin kəsmək doğru deyildir, Burda etməlisən azacıq səbir". Deyərək, Dumanı rahat edərkən, Yazdı pristava bir kağız erkən. Baxınız, Quşçuda böyuk bir təlaş… Duman tərəfindən vurulmuş Dadaş. Mahal pristavı, şişman kəndxuda, Dadaşın qardaşı, qohum-əqrəba. Sürdulər atları Xələncə sarı. Acıqlı gözləri, sərt baxışları Yanırdı, cəhənnəm kimi yanırdı, Hirsli ürəkləri alovlanırdı. Duman tutulmuşdur. Qoca Bayramın Koması önündə kinli bir yığın. Dadaşın qardaşı çıxmış özündən, Gəlir qan qoxusu hər bir sözündən. Bayram dil çıxarıb yalvarır ona: – Uşaqdır, Sərini bağışla mana. O, qız xaylağıdır, günahı varmı? Tifil bir insanı vurmaq olarmı? Təkəm, Sərinədir ümidim ancaq; Məni öldürünüz Sərindən qabaq! Pristav qabağa atılıb həmən: – Canım, ölmüşləri öldürməklə sən Adını batırma, bəri gəl, bəri, Vurub zingildətmə bu köpəkləri, Deyərik, Bayramdan həzər etdilər. Aşığı qabağa salıb, getdilər… Mehriban aşığım, hara gedirsən? Hansı iqlimlərə səfər edirsən? Neçin, neçin sənin bağlıdır qolun?! Uzaqmı səfərin, uzunmu yolun? Bizim dağlarımız qalsa Dumansız, Olmazmı nəşəsiz, olmazmı cansız?! Sənin bu firqətin kədərlidir çox, Dalınca su atıb, güzgü tutan yox! Lakin hönkür-hönkür ağlayır bir kənd, Kəsilmiş ruhları ney kimi bənd-bənd. Çox keçmədən yenə gələcək bahar, Əriyəcək qarlar, coşacaq sular. Onlar da səninçün ağlayacaqdır, Lalələr köksünü dağlayacaqdır. Darğın bənövşələr boynu burulu, Əlvan çiçəklərin gözləri dolu, Onlar da jalədən yaşlar tökəcək, Quşlar ağaclarda fəğan çəkəcək. Güllərin üstündə bülbülün ahı Şeh kimi donacaq hər yaz sabahı. Sular daşdan-daşa başını vurub, Söyüdlər küsküncə boynunu burub, Hicran dumanları çöküb dağlara, Həsrət kölgələri düşüb bağlara, Əsrarlı ormanlar düşünəcəkdir, Qəlbi buludların döyünəcəkdir. Gecə ay doğacaq, rəngi sapsarı, Göylərin sayrışan şux ulduzları Buluddan buluda süzüləcəkdir, Sənsiz taqətləri uzüləcəkdir! Düşərkən gecələr bu yerdən qaçaq, Gunəş yaxasını yırtıb çıxacaq. Göylərin yolçusu durna qatarı Suzəcək suzdüyün dumanlıqları. Tərlanlar qonaraq daşlı dağlara, Kəkliklər yığışıb gur bulaqlara, Sonalar çaylarda səni anacaq, Yanacaq, hamının içi yanacaq. Sızlayıb axacaq yetim dərələr, Səni axtaracaq bu mənzərələr… – Getdi, yaman getdi, dərbədər oldu; O çox zaman mənə dərdi-sər oldu. On il! Bir igidin ömrüdür on il. O ki bir də geri qayıdan deyil, – Deyə Molla Nəcəf gülümsəyirdi. Ötürüb köksünü "Getdi!" deyirdi. Ey baba torpağı, ey köhnə Bərmək! Çətindir şerimdə ruhunu görmək. Sənin də hər dağda bir macəran var, Işıqlı baxtın var, sönən çıran var. Ömrün səksəkəli keçən uyğusu, Yaşayış həvəsi, ölüm qorxusu, Sənin də çəkdiyin ağır zülümlər, Haqsız işgəncələr, haqsız ölümlər, Sənin də içdiyin qan piyaləsi, Qulaq asmadığın bacı naləsi, Sənin də qaynayan ehtirasların, Bitib-tükənməyən uzun yasların, Yarımçıq toyların, düyünlərin var, Ağır qandalların, surgünlərin var. -V** Bu dağlardan Duman getdi, Yaman gəldi, yaman getdi. Hansı uzaq bir diyarda Yastığı buz, döşəyi qar, Qapısını tufan açar. Ata, ana, qardaş, bacı Yol gözləyir acı-acı, Hamı küsmüş sevincinə, Ana dönmüş göyərçinə. Yol üstünə qonar, ağlar. Dərdlərini sanar, ağlar. Gələn çoxdur, Duman yoxdur. Gəlməyinə güman yoxdur. Hələ Sərin, hələ Sərin, Ürəyində dərdi dərin. Canı tordur, özü avçı, Savçı gərək burda, savçı!.. O zamandan üzü gülməz, Tor çürüyür, tərlan gəlməz. Ağlama, ağlama, Sərin, ağlama! Gününü xoş keçir, qara bağlama! Böyük bir sabaha bəslə umudlar, Nədəndir başında oynar buludlar? Gözündən mirvari yaşları süzmə, Dumandan boş yerə əlini üzmə! Ya bu gün, ya sabah gələcək Duman, Dumanın gəldiyi yollara qurban! Gələcək, səsində ellərin səsi, Dağların, daşların, sellərin səsi. Gözdən getməyəcək bir xəyal kimi, Uçacaq dağlarda bir qartal kimi. Gələcək, qəlbində yeni duyğular, Yeni döyüntülər, yeni arzular, Bayramdır – çarlığın üç yüz illiyi, Hər yanda vəhşətin əzazilliyi. Bu gün səadətə bir qara gündür, Bu gün fəlakətə toydur, dügündür. Tikənlər açılıb, çiçəklər solmuş, Qonmuşdur bülbülün yerinə bayquş. Bu gün ümidlərin söndüyü gündür, Şərbətin ağıya döndüyü gündür. Kamanlar ürəkdir, ürəklər kaman, Ölum hökmürandır, zulüm qəhrəman. Bu gündən zəncirlər döyülmüş mətin, Sağlığın əsli yox, əminlik çətin. Cəhlin əllərində qılınc görürsən, Ağlın ayağında qara bir tikən. Ayaqlar altında sərt bir uçurum, Başların üstündə toz, duman, qurum… Bayramdır – çarlığın üç yüz illiyi, Hər yanda vəhşətin əzazilliyi. Duman bu bayramda azad olundu, Quş qəfəsdən uçub çəmənə qondu. Bir gün Duman gəldi çıxdı, Yenə işi aşıqlıqdı. Nə işi var onda-bunda, Bir sazı var qoltuğunda. Qəlbi sədəf, sözləri dür, Dinləyəni düşündürür. El içində adı şirin, Söhbətinin dadı şirin. Candan keçir bu məclisdə, Bu məclisdə, o məclisdə. Sözündə yox saxta, boya, Toydan çıxıb, gedir toya, Eşqə gəlir, çoşa gəlir, Söylədiyi xoşa gəlir. Uşaq kimi özü oynaq, Sazı oynaq, sözü oynaq. Birdən keçir saz boynuna, Heyran qalır baxan buna. Sinəsi dəftər kimidir, Sözləri xəncər kimidir. Cahan onda, can ondadır, Tor onda, tərlan ondadır. Hər sorğuya cavabı var, Hər ürəyə xitabı var. Ayrılıq aradan çıxıb sovuşmuş, Dumanım Sərinə artıq qovuşmuş. Fəqət bu vüslətdə bir acılıq var, Xəzan bağçasından bir dərdli ruzgar Keçib inildərkən solğun bir budaq, Yaxud çatır-çatır yanıb bir ocaq Sızlarkən, ağlayıb Duman hönkürür, Sanır ki, bu saat Sərin öksürür. Dumanın Sərini vərəmli, əvət, Yemiş ürəyini çəkdiyi həsrət. Sormayın, Sərini incitdilərmi? Sərinin çəkdiyi başa gələrmi?! Uzaq təbiətdən, uzaq günəşdən, Uzaq ürəyində yanan atəşdən, Sevərkən duyduğu sövdadan uzaq, Dirilikdən uzaq, dünyadan uzaq, Hər göz qədəhindən bir zəhər içdi, Hər zaman üzündə ağladı, keçdi. Onun siyah saçı buludlar kimi, Sürdü gəncliyini ixtiyar kimi. Uzun illər boyu acı qorxular, Dərin faciələr, ağır uyğular. Onda, zavallıda can qoymamışdır, Solğun yanağında qan qoymamışdır. -VI** Bu axşam Nəcəfə qonaqdır Duman, Yenə söhbət gedir dindən, tanrıdan. Məclisdə Xələncin ağsaqqalları, Ruhlarda qiyamət ixtilalları. -N ə c ə f** Duman, burax sazı, deyirəm buraq! Yamanca sənətdi bu, gözdən iraq. Neçə yol demişəm, deyirəm yenə; Çox da bu dünyanın uyma rənginə. Düşün, bu sənətin yaman sənətdir; Bu sənət tanrıya bir məsiyətdir. Bundadır çəkdiyin bunca müsibət, Ver sazın yerinə ruhuna ziynət. Qorxun yoxmu sənin məhşər günündən? Bu şeytan işini burax bu gündən; Bir az da axirət qayğısına qal. Peyğəmbər demişmi Quranda: saz çal? Onda ki, mizrabı telə vurursan, Əlinin üzünə sillə vurursan. Mən bilirəm, sənin gözəl təbin var, Hərgah ürəyində bir mətləbin var, Otur mərsiyə de məhərrəmidə. Cəhənnəm qəmi də, cənnət qəmi də O zaman büsbütün fikrindən çıxar; Onsuz da behiştdə nə istəsən var: Mehtab, rübab, çəmən, min bir fərişqə, Kim getmək istəməz belə behiştə?! Büllur qədəhlərdə şərab dalğası, Eh, bu dünya nədir, sərab dalğası! Keçək cəhənnəmə, "ləzzət" burda var! Bir yanda əjdaha, bir yanda şahmar. Qızğın alovların qələyanları, Əməlləri saleh olmayanları Orda özün kimi üryan görərsən, Qaynar tiyanlarda büryan görərsən. Yasaq əməllərdən qəlbin pak olsun. Yaxan haqq yolunda çaki-pak olsun! Burax, Duman, burax bütpərəstliyi, Bu məlun sənəti, bu sərməstliyi! Ürəyin tanrıdan niyə xalıdır? Bu şeytan əməli qırılmalıdır! -B i r q o c a** Aşıq, gözəl düşün, molla haqlıdır. Onun bu sözləri çox maraqlıdır. Oğlum, sənin hələ doludur başın, Qiyamət günündən yoxdur təlaşın. Bizim dövranımız qəflətlə keçdi, Məsiyətlə keçdi, zillətlə keçdi. Çıxdıq anlamadan haqqın yolundan, Qaçdıq şəriətin qaravulundan. Nəcəf deyən kimi, bu sazı unut, Namazını qılıb, orucunu tut. Bizim boynumuzda günah bir yığın, Barı olsun sənin o dünyalığın. -N ə c ə f** Bir də eliyirəm məsləhət sənə: Burda dar keçəcək məişət sənə. Yenə düşmənlərin axtarır məqam, Qorxuram alalar səndən intiqam. Yığış, get şəhərə, yoxsa Dadaşgil Əl çəkib yaxanı buraxan deyil. Dumanın məclisə: – Çox gözəl! – deyə, Başladı ürəyi bərk döyünməyə, Boynunu buraraq çıxdı dişarı, Gecənin son bahar qaranlıqları Içindən keçərək evə yetişdi, Özü bilməyirdi bu iş, nə işdi. "Şəhərə getməkmi?" – Soraraq Duman, Düşünür qəlbində… Ey aşıq, dayan! Şəhərdə işmi var? Şəhər müztərib; Dolaşıb şəhəri sən qərib-qərib, Qara qış qapını aldığı zaman, Boran pəncərəni çaldığı zaman, Şaxtalar havanı qoyunca darda, Sular asılırkən navalçalarda, Qara, sıxıntılı gecələr boyu, Almaq istədiyin şirin yuxuyu Vurub dağıdacaq bir qarlı çovğun, Ərşə çəkiləcək soyuqdan yuxun, Dişin bir-birinə çarpıb dəyincə, Gömgöy ayaqların gizildəyincə, Bir odun parçası tapmayacaqsan. Orda da bir yuva yapmayacaqsan! Yapsan da vücudun mərmərlənərkən, Onu pəncərəndən içəri girən Gecə nurlarilə canlatmaq olmaz, Dərdini deməklə anlatmaq olmaz! Çəkilib xəlvətə Duman ağlayır, Sanki dağ döşünə duman ağlayır. Ağlayır, Sərini çünki can verir, Məhəbbət yolunda imtahan verir. – Bağışladı sizə ömrünü Sərin, – Derkən molla Nəcəf, ürəkdən dərin Bir ah çəkib Duman, qəlbi sıxıldı, Özündən gedərək yerə yıxıldı. Köhnə məzarlıqda bir ağlaşma var, Qazılır ortada bir dərin məzar. Çəkdiyi dərdləri, musibətləri, Uzun həsrətləri, məşəqqətləri İndi yerli-dibli unutmuş Sərin; Ölüm dərmanıdır ağır dərdlərin. Həmən molla Nəcəf, ağ başlı şeytan Oxuyur əlində bir zərli Quran. Dumansa ağlayır səssiz kənarda. Sərinin xəyalı batır sularda: "Yenə könül düşdü dərdə, Böylə imiş yazım mənim. Uçdu getdi, daha bir də Qayıtmaz şahbazım mənim! Məni hicran aldı yenə, Yanar oda saldı yenə. Ürəyimdə qaldı yenə Sözüm mənim, arzum mənim! Duman deyər, haqqa sığın, Onsuz heçdir insanlığın. Gunahım var yığın-yığın, Qoy qırılsın sazım mənim!" Deyə, ürəyində aşıq yanırdı, Yandıqca gözləri yağmurlanırdı. -VII** O, yatmaq istəyir, yata bilməyir. Bir xəyal gözündən heç çəkilməyir, – Mollanın tanrıya yaxın xəyalı. Duşünur yataqda, dəyişir halı, Bir zindan kəsilmiş ruhuna dünya, Gəmirir beynini bir qara xülya. Payız küləyi də döyür qapını, Bir əl ürəyinin qırır sapını. Vəhmə basır onu, tər basır onu, Ağır düşüncələr əzir ruhunu. Qalxaraq yandırır qara çırağı, Qorxusundan əsir əli-ayağı. Divardakı saza ilişir gözü, "Doğrudur, doğrudur mollanın sözü. O mənə çox demiş, çox söyləmişdir, Bu haqqa üsyandır, bu, günah işdir", – Düşünüb xəyala dalır bir ara; "Bir də, bir də mənə Sərindən sora, Söhbət nə gərəkdir, saz nə gərəkdir?! Ürəkdən çıxmayan söz nə gərəkdir?!." Deyə, alıb sazı dişarı çıxdı, Onun xəzəl kimi rəngi qaçıqdı. Sanki işləmişdi böyük bir günah, Qopdu ürəyindən bir yanıqlı ah Daldan qopan sarı bir yarpaq kimi; Alışdı gözləri bir çıraq kimi. Bir göylərə baxdı, bir saza baxdı, Ruhunda bir açıq şimşəyi çaxdı. Üzündə, gözündə dərin bir həzər, Baxıb saldı saza acı bir nəzər. "Doğrudan beləmi? Saz yasaqmıdır? Yarın sorğu-sual olacaqmıdır? Əlbəttə, olacaq, buna sözmü var?" Başında dolaşıq böyük suallar, Gözundə çəhənnəm-cənnət qorxusu, İnkirin-minkirin çətin sorğusu… Amandır, sazını sındırma, aşıq, Onu bir yar kimi bağrına bərk sıx! Səni aldatmasın sözü mollanın, Səni götürməyir gözü mollanın. O, xalqın ruhudur, ona toxunma, Elin təmiz duyğusuna toxunma! Ürək telləridir onun telləri, Güldürən, ağladan odur elləri. Xəstələr can bulur onun səsindən, Bir şəfəq süzülüb hər nəğməsindən, Qaranlıq ruhları işıqlandırır, Hər sönük baxışda bir od yandırır… Həyatın ahəngi ahənginlə bir; Düşün ki, mollanın gördüyü tədbir Həm sənə, həm elə böyük ziyandır, O gözəl sazını qırma, amandır! Onu "qır!" deyənin insafı yoxmu? Bu yazıq ellərə bir saz da çoxmu?! Tutub əldə sazı düşünür aşıq, Onun ruhu kimi gecə qaranlıq. Anlaya bilməyir öz kədərini, Ay yırtır gecənin ətəklərini, Sazın üzərinə bir işıq düşür. Aşıq baxır saza, üzü pörtüşür. Ağaclar səslənir, küləklər əsir, Baxıb donuq-donuq, onu dərd kəsir Xışıldayan dallar deyir: "Xoş deyil, Mollanın öyudü sənə boş deyil". "Boşla başındakı bu düşüncəni, Aldatmasın qara fikirlər səni!" – Səslənərkən keçən yaxındakı çay Axıb şırıl-şırıl deyir ki: "Hay, hay… O gözəl sazını qırma, xoş deyil, Mollanın öyüdü sənə boş deyil!" Göyün qapıları açılır tay-tay, Göstərir üzünü sarı saçlı ay, O da sanki ona gülüb çəkilir. Aşığın gözləri saza dikilir. Xayır, o saf qəlbli, məhzun xəyallı Aşığım bu saat qəmli, məlallı. Sazı sındıracaq bir hala gəlmiş, Fəqət ruhunda bir əziz titrəyiş, Onun qarşısında bir iri daş var, Uçur gözlərində qorxunc xəyallar. Sındırmaq istədi, yenə bir sual Gözündə, könlündə dayandı dərhal: "Neçin!" Neçinlərə artıq məhəl yox. "Sənin günahın çox, məsiyətin çox". Düşündü bir qədər, daldı bir qədər, Qəlbində qorxulu ağır bir kədər. "Eh!" deyib, sazını daşlara çaxdı, Sonra həzin-həzin göylərə baxdı. Sağır göy altında gələrək vəcdə, Sonsuz bir heçliyə eylədi səcdə. Ey baba torpağı, ey köhnə Bərmək! Çətindir şerimdə ruhunu görmək. Sənin də torpaqda qaynayan dizin, Acıqlı lənətin, alovlu qeyzin, Şeytanın, mələyin, üzrün, günahın, Yer üzundə ağan, göydə Allahın, Sənin də dərd çəkən insanların var, Qırılan sazların, kamanların var! O gündən bir mahal qaldı aşıqsız, Könüllər işıqsız, gözlər işıqsız. Xələncdə kədərli bir hərəkətlə O gündən məscidə üz qoydu kutlə. O gundən Nəcəfin könlü açıldı, Gözlərdən od kimi yaşlar saçıldı. Nəcəfin məclisi boşaldı, doldu; Kəndlilər büsbütün aşıqdan oldu. O gündən sarıqlı çıxdı ərsəyə, Yaxşı rəvac tapdı növhə, mərsiyə. Hətta pul yığaraq, tədbir tökdülər, Yenidən bir gözəl məscid tikdilər. Ellərin şənliyi keçdi aşıqsız, Könüllər işıqsız, gözlər işıqsız? -VIII** Uçdu oylağından tərlanım mənim, Çəkildi dağlardan Dumanım mənim Gəldi, iş dalınca şəhərə gəldi, Ağır dərdlərindən xəbərə gəldi. İşlədi Naftalan mədənlərində. İşçi dostlarına günün birində Danışdı dərdini aşığım mənim, Yenidən parladı işığım mənim. "Biçarə, sadədil, zavallı aşıq, Danışma bu sözü, danışma artıq! Mollanın sözünə niyə uyurdun? Niyə öz sazını daşlara vurdun? Məqsədi bəllidir onun bu işdə, Yaxşı qazanmışdır məlun bu işdə." Deyərək aşığı başa saldılar, Yenidən Dumana bir saz aldılar. O gündən gəzərək ellər içində, Dəyişib bu uzun illər içində, Dağlardan aşığın gəlir avazı, İşçilər diriltdi ölən bir sazı. Bir az, qəhrəmanım, məni də dinlə! Mən ki əzəl gündən dostam səninlə. Müzlüm ümmanından çıxdın o kəndin; Sən onu vaxtilə sevdin, bəyəndin. Çayır quşlarına döndü düşüncən, Sənlə faydalandı hər gəlib keçən. Sən bunu bilmədin, sonra anladın: Saya keçmişini söyüb, danladın. Sonra onlar sənə gör nələr etdi; Sevgilin də getdi, sazın da getdi. İndi qabaqdadır yeni döyüşlər, Çağırır sazını, səni doyüşlər! Yenə haraylayır təbiət səni, Həyat, mübarizə, məişət səni. Sazını qaytardı işçilər sana, Aşıq, oxusana, aşıq, çalsana! Aşıq, işçilərin sazıdır bu saz, Döyüşlərdən çıxan bu saz qırılmaz!.. -EPİLOQ** Mənim saz dediyim o deyil fəqət, O, təhqir olunan bir mədəniyyət, Qırılan bir könül, dərdli bir xəyal, Insanın çəkdiyi dərin bir məlal, Çeynənən bir şərəf, susan bir ağız, Ayrılan qurbanı – vərəmli bir qız, Bir ana şivəni, bir el qayğusu, Bir el şairinin təmiz duyğusu Və onunla gedən bir öcəşmədir, Bir quru səhradan çıxan çeşmədir. * * * Sularda yanğın Üzgüçülər əllərində fanar, Dneprdə su altında odlar yanar, Əfsanələr əfsanəsi... Qatı polad qatlarını Parçalamaq çətin deyil, Doğram-doğram edərək Xırçalamaq çətin deyil. Lakin sular altında Poladları doğramaqçın Məqsədə uğramaqçın, Su altında qaz alovu yaratmaq Insan üçün bu sadə bir oyuncaq. Üzgüçülər əllərində fanar, Su altında odlar yanar Əfsanələr əfsanəsi... * * * Şair və vətəndaş -Ş a i r :* El köçdü, sən qaldın hamıdan arda, Nə qədər acıdır bu arda qalmaq!.. Qoç bir əsgər kimi vuruşmalarda Yıxılıb, kimsəsiz yollarda qalmaq!.. Yazıq deyildirmi duyan könüldə Bəslənən bir əməl tarımar olsun?! Qalmışkən bülbülün gözləri güldə, Üstünü kəsdirən son bahar olsun! Ey şair! Səni də düşündürən bu, Səni də ağladan həmən xəyaldır. Ömür günəşinin vaxtsız qürubu, Həyata verilən sərt bir sualdır... -V ə t ə n d a ş :* Burax bu hissləri, ey şair, burax! Gördüyün, bildiyin şeylərdən danış! Ağac qələmini yaxşı çırparaq, Gətirdiyin yeni səmərdən danış! Bu üzgün duyğular, qara fikirlər Sürür gəncliyini heçliyə doğru; Onlar bir qar kimi varlığı girlər, Onlardan, ey şair, özünü qoru! Həyatla olsaydı dərin rabitən, Ruhun qaralmazdı gecələr kimi; Solmazdın sularda yaşayan, bitən Bir öksüz baxışlı neylüfər kimi. Bir məzar qoxusu verən sözlərin Zamanın ruhuna uzaq, yabançı, Çəpərlər içindən baxan gözlərin Bir qəmli quş kimi nə qədər acı! -Ş a i r :* Neçin yabançıyam mən bu varlığa, Fikrimdə, hissimdə bu nə sükutdur? Içərim bənzəyir bir məzarlığa, Gecələr ayazdır, gündüz buluddur. Neçin hər sevincdən, hər ixtilatdan Uzağam qaranlıq bir bucaq kimi. Üzülmüş kimiyəm mən bu həyatdan Qırılan, yaralı bir budaq kimi? Mənim yoldaşlarım birər komandan. Hamsı irəldədir, hamsı öndədir. Bu dərin həyatı duyub qanandan Mənimsə taleim yaman gündədir... -V ə t ə nda ş:* Xayır, ey şairim, sən bu varlığı Yaxşı anlamadın, yaxşı duymadın. Göylərdə aradın bəxtiyarlığı, Bu gözəl həyata məhəl qoymadın. Bir münzəvi kimi yaşayıb dedin: “Həyat mübarizi bir rəng deməkdir” Çoraq duyğuları oxşayıb dedin: “Sənət – xəyal ilə ahəng deməkdir” Anlamadan dedin: “Yaxşı düşünsən, Şeiriyyət olamaz bizim dövrdə”. Dedin ki, şairim, utanmadan sən: “Texnika öldürür sənəti” bir də, Əlində bir köhnə şeir divanı, Dilində səsləndi ölgün qəzəllər... Anlaya bilmədin yeni insanı, Bilmədin nəçidir yeni gözəllər. Nədir ruhu qırıq bu zümzümələr? Bunlar həyat üçün zəhərdən acı. Mən bir vətəndaşam, əski nəğmələr Dərdli şikəstələr mənə yabançı. Həyatı coşduran, dalğalandıran, Irəli aparan nəğmələr hanı?! Hanı bir möhtəşəm divi andıran Şeir qəhrəmanı, söz qəhrəmanı?! Hanı, tükəndimi sevincin, odun? Sən xəzan kimisən bahar içində. Göz yaşında üzən solğun vücudun Bir sarı yarpaqdır sular içində!.. -Ş a i r :* Burax, dostum, burax bu töhmətləri! Qəlbimə toplanan müsibətləri Sən də səsləndirmə bir başqa sazda, Duyduqca sızlayır ruhum bir az da. Varlığım şam kimi yanmağa başlar, Başımda atəşlər, gözümdə yaşlar... Baxınız, baxınız, gül rəngli göylər Ağlayan bir çocuq üzünə bənzər... -V ə t ə n d a ş :* Bayron da sevmişdi bu təbiəti, Ildırım hiddəti, bulud riqqəti Onun da şerində çaxdı, ağladı, O da bu şeylərə baxdı, ağladı. Təbiət dediyin vəhşi bir heyvan, Onu əhli edən insandır, insan! Olmasın başına sözlərim qaxınc, Ey həyat qınına girməyən qılınc!.. -Ş a i r :* Əvət, qəribədir xislətim mənim; Dinlə, uzunsa da söhbətim mənim. Mən çıxdım ziyalı bir ailədən, Xəyalımda millət, Ruhumda vətən... Məndən az etmədi bunları tələb Sonra oxuduğum o köhnə məktəb... Həyatdan çəkildim, işdən çəkildim. Nə komsomol bildim, nə firqə bildim... Sonra da qarşıma çıxdı bir gözəl, Ruhumda titrədi incə bir əməl... Mən nələr çəkmədim onu sevərkən, Etdim saçlarını ağlıma yelkən Sahilsiz eşqimin dənizlərində. Üzdüm bu dünyanın dərin yerində. O gözəl olmuşdu ruhuma hakim, Mənim düşüncəsiz, xəyali sevgim Onu az qırmadı, az incitmədi. Onunla bu qəlbim yola getmədi, Onu da özümə yabançı sandım; Canandan usandım, candan usandım... Sonra baş götürüb gəldim bu kəndə, Çırpındı quş kimi ruhum bədəndə. Bu kənddə başladım müəllimliyə; Bir də şeir üzü görməyim deyə, Küsərək sənətim ədəbiyyatdan, Dərs dedim neçə il riyaziyyatdan. Bu kənd, bu kənd məni qoynuna aldı, Çocuq ilhamıma ninnilər çaldı. Məni dinləndirən həmən təbiət Bu qərib könlümü yordu nəhayət Sənə söylədiyim məhəbbət kimi; O nazənin kimi, o afət kimi Bəzən göz yumaraq bütün varlığa, Xəyalım yol saldı bir məzarlığa. Həyat arzuları önündə, lakin Könlüm əmr elədi: bu yoldan çəkin! Qəmgin düşüncələr başımda söndü, Yaşamaq eşqilə qəlbim döyündü. Bəli, bu dünyada mənim kimilər Dəyişib olarkən məsud, bəxtəvər. Duyaraq çarpışmaq ehtiyacını, Silib qəlbimdəki köhnə acını. Çoxlara qoşulmaq istədim mən də, Mühitim ruhumu şaşqın görəndə Tutub ətəyimdən çəkdi iləri. Indi ürəyimdə olan şeyləri Məncə, birdən-birə atmaq çətindir; Bilmədən hər sözə yatmaq çətindir. Könül! Nə çətindir bu əhilləşmən Vəhşi qaplanmısan, arslanmısan sən?! Əllərim çataydı, düşəydin girə, Gör necə bağlardım səni zəncirə!.. Bir zaman düşünüb fikrə gedərkən, Sanırdım: artığam cəmiyyətdə mən. Bu köhnə mənliyim bir dar qəfəsdi, Bu qəfəs əlimi, qolumu kəsdi. Bir nəfəs uçmağa bulmadım imkan, Gözümdən od çıxdı, başımdan duman Bu gülünc həyatdan nə çıxsın dedim, Bir dəfə özümü vurmaq istədim. İradəm buna da çatmadı, əfsus! Oyaq qüssələrim yatmadı, əfsus! Bir də ki, haqqımda fitnələr quran, Ayağımdan çəkən, başımdan basan, Hiyləgər adamlar, murdar adamlar, Bütün insanlıqdan kənar adamlar Az incitmədilər məni dünyada. Köhnə bir ney kimi gəldim fəryada. Könlümdən onların acısı getməz; Yazmaqla qurtarmaz, deməklə bitməz. Çox incitdi məni tək-tək adamlar: Saf-çürük olunsun gərək adamlar!.. -V ə t ə n d a ş :* Səni küsdürməsin boş danışıqlar, Göz önündə böyük bir məfkurə var Onu tut, onunla yürü iləri. Sən dünyada axan böyük selləri Buraxıb, sızlayan, əriyən, axan, Axışı insanı məlul buraxan O zəif, o cılız sulara baxma! Hər duyğu oduna könlünü yaxma! Deyirlər: toz qopar qaya uçanda, Həmən şey olmuşdur indi cahanda. Sən böyük şeylərə çevir üzünü, Gələcək günlərə söylə sözünü. Şair, səndə böyük bir qüvvə vardır, Gizli xəznələrə dilin açardır... -Ş a i r :* Məni həyat sevir, həyat çağırır, – Dəyiş, yüksəl – deyə bar-bar bağırır O deyir: “Yüksəliş dəyişmək istər, Sən də dəyişməklə özünü göstər!”. Mənim ürəyimdə bir ikilik var: Keçmişdən aldığım dərin duyğular, Acı tərbiyələr ruhuma hakim. Duyduğum acını duysaydı hər kim, Baxtımın ulduzu sönmüşdü çoxdan, Bir ovuc torpağa dönmüşdü çoxdan... Məni əski hava zəhərləmişdir, Yalançı bir sevda zəhərləmişdir. Daim həyat mənə eylədi gəl-gəl, Tərbiyəmsə mənə oldu bir əngəl... Duyğum düşüncəmi göyə sovurdu, Ürəyim ağlımı daşlara vurdu. Bu yeni aləmin gözəllikləri, Onlar ki, insanı çəkir iləri, Onlara vaxtilə xor gözlə baxdım, Bir ildırım oldum, özümü yaxdım... -V ə t ə nda ş:* Mən bilirəm, sənin havalı könlün Dönüb bir tərlana, uçmaq istəyir Və bir məhbus kimi sevdalı könlün Qırıb qandalını qaçmaq istəyir. Bil ki, sallanışı hər yaşıl dalın Başqa bir küləkdən, bir havadandır. Sovet yellərilə yelkən xəyalın Qızıl dənizlərdə üzərsə, şandır! Sən bir qılınc kimi əldə parılda, Qalxan köküslərdən keçən mızraq ol! Ağır toplar kimi gur-gur gurulda, Daim döyüşkən ol, daim qıvraq ol! Sən həyat eşqindən götür aşqarı, Həyat qanadlanır, sən də qanadlan! Qarşında möhtəşəm zaman dağları... Zaman dağlarını indidən atlan! Sözünün təsiri elektrikdən, Rübabın gurlasın inqilab deyə. Əl çək birdəfəlik bu ikilikdən: Ya o cəbhəyə keç, ya bu cəbhəyə! Günəş işığından, ay işığından Aldığım ilhamla ruhları parlat; Qəlbinin, beyninin qarışığından Göylərə sığmayan bir cahan yarat! * * * Şerim Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? Gecələr ay sənindir, gündüzlər günəş kainat kimi! Hər şey gözəlləşmədə, sən də gözəlləş bu həyat kimi. Varlığın rəngi sənsən, ahəngi sənsən! Çiçəklərin, nurların çələngi sənsən. Bülbülün qarşısında açıl, şirinləş qızılgül kimi! Hər şey dərinləşmədə, sən də dərinləş bir könül kimi! Dərinlik çox gözəldir, sadə olursa, Nə çıxar o şeirdən başımı yorsa? Mənalı səslərinlə, şerim, incələş bir kaman kimi! Hər şey sadələşmədə, sən də sadələş hər insan kimi! Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. Ölkələr silahlanır, sən də silahlan ölkələr kimi! Can deyə, canan deyə cəbhədə şaxlan bir əsgər kimi! Hər kəs bilir həyatın sonu ölümdür, Ah bu qəmli dəyişmə yaman zülümdür. erim! Bu gülünc oyun bəllidir yarın bizi də bəklər; Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər! * * * Şirin qız Zərif ayaqların nə qədər incə, Gözəl əndamını onlar xəfifcə Necə aparmada bilməm, şirin qız? Şikayətim vardır gül əllərindən, Onlar ürəyimi tutub dərindən Necə qoparmada bilməm, şirin qız? Sənin mərhəmətli, dolğun gözlərin Mənim hisslərimi məndən də dərin Necə anlamada bilməm, şirin qız? Ölmüş hisslərimi gözəl rəftarın, Ruzgarlı, dalğalı sallanışların Necə canlatmada bilməm, şirin qız? Üfüqdə günəşi necə saraltdı, Lalənin köksünü necə qaraltdı Yanıl yanaqların bilməm, şirin qız? Mən bir çayır quşu, sən bir neylufər, Mənim öpüşümü necə rədd edər Gözəl dodaqların bilməm, şirin qız? * * * Şəngül, Şüngül, Məngül Biri varmış, biri yoxmuş, Məzlumların dərdi çoxmuş. Saqqalı bir keçi varmış, Gəzdiyi yer qayalarmış. Dağdan-dağa atlanaraq, Hər zəhmətə qatlanaraq Yaşarmış öz əməyilə, Başqasının köməyilə Dolanmaqdan utanarmış, Onun üç yavrusu varmış: Biri Şəngül, biri Şüngül, Biri də balaca Məngül. Şəngülün gözləri qara, Bənzəyirdi ceyranlara. Şəvə tükü buruq-buruq, İncə baldır, qısa quyruq. Yeni çıxmış buynuzları, Buxağında qotazları. Bir yaşında maral çəpiş, Bacaqları bir dal çəpiş Şüngülün gözləri nərgiz, Sanki dünyadan xəbərsiz. Gecə-gündüz oynaqlardı, Anasını qucaqlardı Yuxa tükü bəyaz, yumşaq, Qulaqları sanki zanbaq. Alnındakı qaşqa gözəl, Yoxdu bundan başqa gözəl. Hələ bircə Məngülə bax, Ayağında səkilə bax. Yoxdur böylə gözəl çəpiş Nazlı çəpiş, təpəl çəpiş. Yumşaq tükü ala-bula, Tamamilə başa bəla! Hər sabah, gün doğar-doğmaz, Qaranlığı boğar-boğmaz, Keçi yatağından durub, Şəngülün halını sorub, Şüngülə nəzər salardı, Məgüldən öpüş alardı. Qapıları gülə-gülə Bağlayıb çıxardı çölə. Yamaclarda otlayaraq, Qayalardan atlayaraq, Dərələrdən su içərdi, Yoxdu qəmi, yoxdu dərdi. Otlamaqdan qayıdarkən, Çağırardı keçi birdən: -Şəngülüm, Şüngülüm, Məngülüm, Açınız qapını mən gəlim. Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Buynumuzda ot gətirmişəm. Bu sözləri eşidincə, Mələşərdi incə-incə, Yalnız qalan bu çəpişlərə. Hər üçü sevinər, gülər, Tez qapını açardılar, Qanadlanıb uçardılar. Anaları süd gətirmiş, Buynuzunda ot gətirmiş. Yeyərdilər, içərdilər, Bilməzdilər qüssə, kədər. Çəpişlərin anaları, Öpüb xırda balaları. Qapıları gülə-gülə Bağlayıb çıxardı çölə. Bu dağ mənim, o dağ sənin, Yem toplardı yeyin-yeyin. Döşlərinə süd yığardı, Buynuzuna ot yığardı. Qış getmişdi, yaz olmuşdu, Elin kefi saz olmuşdu. Bəzənmişdi, dağlar, daşlar, Gecə-gündüz uçan quşlar, Göy üzünü dolanırdı, Daşqın çaylar bulanırdı. Ala qarlı uca dağlar, Qış dərdini çəkən bağlar. Geyinmişdi yaşıl köynək, Hər yan güldü, hər yan çiçək. Ana keçi, hallı keçi, Məmələri ballı keçi, O dağlardan, bu dağlardan, Durna gözlü bulaqlardan, Yeib, içib ətə dolur, Məmələri südə dolur. Ana keçi, ana keçi, Qurban olum sana, keçi! Səni gözlər Şəngül, Şüngül, Yuxa tüklü gözəl Məngül, Səni gözlər çəpişlərin, Sular axır sərin-sərin, Şirin otlar dalğalanır, İnsan baxır, havalanır. Dərəyə en, dağlara çıx, Yerlər açıq, göylər açıq. Fəqət bir gün hər tərəf çən, Görünməzdi gəlib keçən. Girəvə düşmüşdü qurda, Dolaşırdı orda-burda. El içində bir məsəl var: “Qurd dumanlı gün axtarar”. Qurd çox gəzdi, çox dolaşdı, Dərələr, təpələr aşdı, Xatırladı Şəngül, Şüngül, Yuxa tüklü gözəl Məngül Yataqda yalnızdır, çapdı, Gəldi çəpişləri tapdı. Yazın bu çənli günündə Durdu yatağın önündə. Bir az duruxdu yerində, Od parladı gözlərində. Səsini dəyişdirərək, Qurddur, tanımasın gərək, Dedi: - Şəngülüm, Şüngülüm! Ey ceyran gözlü Məngülüm! Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Başımda ot gətirmişəm. Tez olun açın qapını, - Çəpişlər eşitdi bunu. Yazıq çəpişlər sevincək Anaları zənn edərək Gəlib qapını açdılar, Qurdu görüncə çaşdılar. Ah, bu zalım, ağzı qara, Hücum etdi yazıqlara, Şəngülü, Şüngülü yedi, Məngülü tapa bilmədi. Kefi duru, damağı çağ, Qapını açıq qoyaraq. Çıxdı qaçdı bu qaniçən, Bürümüşdü ətrafı çən. Ana keçi dağda-daşda, Gah o başda, gah bu başda, Gah dərədə, gah ormanda, Gah o yanda, gah bu yanda, Sıldırım dağlar başında, Qayaların dik qaşında, Doyunca ot yedi gəldi, “Balalarım” – dedi gəldi. Gəldi yatağın yanına, Titrəmə düşdü canına. Görüncə qapını açıq, Yerində duruxdu yazıq. Durmayıb içəri girdi, Ətrafına göz gəzdirdi. Şəngül, Şüngül, hardasınız?! – Gördü bir bucaqda yalnız Məngül qısılıb oturmuş, Yazıqca boynunu burmuş. Anasını görən kimi Dəyişdi halı, görkəmi. Tez ayağa qalxdı Məngül, Anasına baxdı Məngül, Dedi: -Ana, səndən sonra Bir duyğusuz, ağzı qara Gəldi girdi evimizə, Yamanca toy tutdu bizə. Şəngülü, Şüngülü yedi, Mənisə tapa bilmədi. Keçinin ürəyi yandı, Öz-özünə acıqlandı. Ansızın çıxdı bayıra, Bilmədi ki, getsin hara, Çünki fikri dağınıqdı. Gəzdi, gəzdi, gəldi çıxdı Dovşan damının üstünə. Söydü ona dönə-dönə. Bacasından bir daş atdı, Ayağını tappıldatdı. Dovşan qalxıb, çıxdı dama, -Neçin söyürsən adama? Deyə ona verdi sual, Ana keçi çoşdu dərhal: -Şəngülümü, Şüngülümü, Ah, sən yemisən, böyləmi? Dovşan dedi: -Bağırma çox, Mənim bundan xəbərim yox! Haydı, get tülküdən soruş, Get onunla dalaş, vuruş. Keçinin ürəyi yandı, Öz-özünə acıqlandı. Yumruğunu, sıxdı, sıxdı, Gəzdi, gəzdi, gəldi çıxdı Tülkü damının üstünə. Söydü ona dönə-dönə. Bacasından bir daş atdı, Ayağını tappıldatdı. Tülkü çıxdı, qalxdı dama, -Neçin söyürsən adama? – Deyə ona verdi sual. Ana keçi coşdu dərhal: Şəngülümü, Şüngülümü, Ah, sən yemisən, öyləmi? Tülkü dedi: - Bağırma çox, Mənim bundan xəbərim yox! Gedib canavardan soruş, Get onunla dalaş, vuruş. Keçinin ürəyi yandı, Öz-özünə acıqlandı. Yumruğunu sıxdı, sıxdı, Gəzdi, gəzdi, gəldi çıxdı Canavar damı üstünə. Söydü ona dönə-dönə, Bacasından bir daş atdı. Ayağını tappıldatdı. Qurd asmışdı südlü aş, Daş gəldi düşdü birbaş Qazançanın içinə. Canavar dedi: - Bu nə? Kimdir məni dolaşdıran? Qazançanı bulaşdıran? Dam üstündə gəzən kimdir? Ürəyimi üzən kimdir? Kimdir dəng edən başımı? Kimdir tozlayan aşımı? Keçi dedi: - Coşan mənəm, Dam üstündə qoşan mənəm. Buynuzlarım qoşa-qoşa, Hünərin var, çıx savaşa. Öz-özünə dedi: “Nə var?!” Çölə çıxdı tez canavar. Ana keçi coşdu dərhal. Canavara verdi sual: Şəngülümü, Şüngülümü, Ah, sən yemisən, öyləmi? Qurd keçini aldatmaq, İşi boynundan atmaq, İstədisə, olmadı, Zülm yerdə qalmadı. Söz qoydular, gedəlim, İşi ayırd edəlim. Qaş yenicə qaralırdı, Günəş solur, saralırdı. Şövqü düşürdü dağlara, Çəkilirdi uzaqlara. Ağ buludlar dəstə-dəstə Göy üzündən dağlar üstə Yüngül kölgə salırdılar, Parçalanıb qalırdılar. Obanın da mal-qarası Heç kəsilmədən arası Dönürdülər kəndə sarı. Obanın gözəl qızları Əllərində badya, qazan, Nə qədər varsa süd sağan Gözləyirdilər naxırı, Deyil sözümün axırı. Az getdilər, üz getdilər, Dərə, təpə, düz getdilər. Yaxında bir qazı vardı, İnsafsız və tamahkardı. Ana keçi dala qaldı, Canavar bir quzu aldı. Gəldi qazının yanına, Başladı öz yalanına. Sovqat qazıya xoş gəldi, Keçisə əliboş gəldi. Qazı dedi: - Nə var, keçi? Doğru yoldan kənar keçi... Yenə nə var, nə deyirsən? Qazıdan nə istəyirsən?.. Keçi dedi: - Dərdim çoxdur, Heç halıma yanan yoxdur. Bunu aydın bilir hamı, Qurd yemiş iki balamı. Qazı dedi: - Yalan demə, Özgəsinə böhtan demə... Sən özün çox tərs keçisən, Keçilərin ən bicisən. Sən allahı unutmusan, Bambaşqa bir yol tutmusan. Verməyirsən xüms-zəkat, Hanı gətirdiyin sovqat? Hər şey aydınlaşdı tamam: “Mən sovqatsız işə baxmam!” Keçi dedi: - Ey canavar, Yaxında bir dəmirçi var, Onun yanına gedəlim, İşləri ayırd edəlim. Az getdilər, üz getdilər, Dərə, təpə, düz getdilər. Dəmirçiyə çatdı onlar. Dəmirçi soruşdu: - Nə var? Keçi dedi: - Bilir hamı, Mənim ikicə balamı Zülümkar canavar imiş, Hər kəsə bəllidir bu iş. Qardaş dəmirçi yaxşı bil, Yalnız mənimkini deyil, Obanın qoyunlarını, Kəndin gözəl davarını Parçalayan, yeyən budur, “Mənəm-mənəm!” deyən budur. Bunun hər bir işi qandır, Bizimlə köhnə düşmandır. Dəmirçi çox acıqlandı, Qurdun hiyləsini qandı. Dedi: - Gərək indi siz Vuruşub döyüşəsiniz – Buraxdı öz işlərini, Dedi: - Ay qurd, dişlərini İtiləyim sənin gərək! Qurd dedi: - Tez elə görək. Dəmirçi bir mıxçıxaran Kəlbətin alaraq haman Buraxıb öz işlərini, Çəkdi qurdun dişlərini. Nağılçılar bilir bunu, - Keçininsə buynuzunu Yaxşı-yaxşı itilədi, Haydı, vuruşunuz! – dedi. Keçi qızğın, qurd əsəbi, Parıldadı şəvə kibi Keçinin də buynuzları. Qurd gəldi keçiyə sarı. Keçi gəlmişdi cana, Qurd atıldı meydana. Vuruşdular doyunca, Keçi kəllə vurunca Qurd başladı al qana. Aman, aman, qursağım! Cırıldı bağırsağım! Aman, aman, aman, vay! Öldüm, öldüm, ay haray! Keçi güldü qurda bir az, Dedi: -Zülüm yerdə qalmaz. Balalarımı yeməyəydin, Vay qursağım deməyəydin! * * * Tar Oxu, tar, oxu, tar!… Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qədar!… Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unudar? Ey geniş kütlənin acısı, şərbəti- Alovlu sənəti! Gözləri qibləyə açılan hasarlı binalar Dinləmiş əzəldən səsini. Papaqlı atalar, çadralı analar Ötürmüş sayəndə köksünü. Düşmüşlər gah şirin, gah acı toruna, Sevinə-sevinə, qoruna-qoruna. Çarparaq çargahın divardan-divara Yolçunu yolundan eyləmiş avara. Çalxanmış dərələr, təpələr, Səs vermiş səsinə ləpələr. Oxu, tar, fikrimdə oyansın Baharın, Seyidin qəzəli; Oxu, tar, ruhlansın Şirvanın, Gəncənin mehriban gözəli! Damağdan düşənlər, Ürəyi şişənlər, İlk bahar seyrinə çıxmayan, Özünü dağların döşünə yıxmayan Sinəsi dağlılar, Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar Dəxilin olmuşlar, Qapında təsəlli bulmuşlar. Zilin var, vəsətin, bəmin var; Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var. Səni də avara eyləmiş Dağınıq telli bir "zərəfşan". Onunçün segahın danışır Pərişan, pərişan. Səsini dinləmiş Şahların, xanların sarayı; Səninlə birlikdə inləmiş Əsirlər alayı. Bəzən də simlərin qəmləri ovutar, Olardın onların sirdaşı Sən ey tar!… Gülləri əməkçi barmaqlar qanından Rəng alan xəlçələr Xəlçələr üstündə uzanmış- Dodağı qönçələr "- Hey, saqi, mədəd qıl soğudu şərabın, İncitmə könlünü bu xanə-xərabın!"- Söyləyən tox sözlü şairlər, Həvəsdən doymayan aç gözlü şairlər: Nadimlər, Vaqiflər, Gözəllik sirrinə vaqiflər Həp səni dinləmiş; Oxumuş, inləmiş. İndi də bizimçin oxu, tar! Səni kim unutar? Sən qulluq etmədin məscidə, axunda, Çalışdın həyatı sevməyin uğrunda. Çoxları üzünə durdular, Könlünü qırdılar. Nə deyim o yekəbaşlara?! Çaldılar ruhunu daşlara. Üstündən bir qara yel kimi əsdilər, Səsini kəsdilər. Daşlandı çəkənlər nazını, Böyləcə qırdılar aşığın sazını. Sən xalqa "gül!" dedin, "Ey qüssə, öl!" dedin. Başladı məsciddə mərsiyə. Sarıqlı çıxınca ərsəyə, Qüssəmiz ölmədi, Xalqımız gülmədi. Ağladıq daim, ağladıq, Ey qədim aşina, ağladıq. Oxu, tar! Dəyişdi zamana, Bax, indi radio səsini Dağıdır cahana. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! Vur sazı döşünə, ey aşıq! Qalmamış nə aba, nə qəba, nə sarıq. Oxu, tar! Alovlu izlərin Əcəba, neçə şux dilbərin Yasəmən üzünü pul kimi qızartmış? O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bu günün zövqünü Ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm. Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əlilə Devirə bilərəm! Oxu, tar! Fabrikdə, zavodda, Traktor başında. Bu saat qarşında Nə qədər adam var! Utanma, oxu, tar! Mədənli Bakimin, Pambıqlı Gəncəmin, İpəkli Şəkimin Acısı, şərbəti. Alovlu sənəti! Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qadar! Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütləmin şirini, şərbəti- Alovlu sənəti!… * * * Tərtərhes nəğmələri -I** Yenə könlüm uzaqlarda, Quş qonmayan ovlaqlarda Qanad çalır tərlan kimi. Bir dərənin üzərində Çisəkləyir duman kimi. Nədir məni bu coşduran, Hankı əsr, hankı dövran Olmuş bizim dövran kimi? Bir aşağı, bir yuxarı Burax çapsın söz atları Ürəyimdə ceyran kimi! Yenə qopdu bir qasırğa, Nəğmələrim dalğa-dalğa Gurlayacaq tufan kimi. -II** Budur, gəldi gül mövsimi, Tarçı, köklə sarı simi, Bir şey çal ellər eşqinə! Günəş qızıl, dünya yaşıl. Gülümsəyir işıl-işıl Duyan könullər eşqinə. Durma, köklə sədəf tarı, Səbrimizin yarpaqları Töküldü yellər eşqinə. Bir hava çal, can oynasın, Dağlarda duman oynasın Qırdığın tellər eşqinə. Mən də sözlə əmin-əmin Daraq çəkim düşüncəmin Zülfünə Tərtər eşqinə. -III** O yan dərə, bu yan dərə, Hər yamacda bir mənzərə, Nə aləmdir bu Qarabağ!.. Göy üzündə şən bulutlar Yer üzündə məxmər otlar, Bu günəşli səhərə bax! Hər yan dağdır, hər yan meşə, Novruzgülü, mor bənövşə, Bülbüllərə, güllərə bax!.. Gah mülayim, gah əsəbi, Bir dalğalı ömür kibi Axıb keçən Tərtərə bax! Tərtərdəki səhnələrə Polad döşlü dəhnələrə, İnsana bax, hünərə bax! -IV** Tərtər çayı! Nə zamandan, Hansı çılğın bir tufandan Qaynayışın başlar sənin? Hər axışın bir inqilab, Hər dərən bir dərin kitab, Başında çox iş var sənin. Varıb keçdi apardığın, Yaynağından keçən yığın, Keçmişmidir təkrar sənin? Bir sorğu kəsdi qarşımı: Tarixlərin göz yaşımı Axıtdığın yaşlar sənin? Məndən başqa arxan varmı, Fəryadına dayanarmı Dağlar sənin, daşlar sənin? -V** Tərtər çayı!.. Tərtər çayı! Ötən çılğın vurharayı Bir salsana yadına sən! Bir zamanlar candı o kənd, Dil çıxarıb yandı o kənd, Yetişmədin dadına sən. El yanarkən için-için, Dalğalanıb onun neçin Su səpmədin oduna sən?! Qanlı alov dalğa-dalğa Yayılarkən ortalığa, Heç baxdınmı ardına sən? Gözəl Vətən, söylə mana, Söylə mana, yana-yana Getdin kimin badına sən? -VI** Bu nə yoldur, daşnaq yolu... Hər dərəsi qanla dolu, Nə acıdır bunun adı. O dənizdən bu dənizə Deyib çıxdı sinəmizə, Bir tapdadı, bir doğradı. Orda dəhşət, burda vəhşət, Əlində baş, dişində ət, Tanırsınız müsavatı. Nə bağ qaldı, nə də bağban. Qurşun, ölüm, atəş, duman Yaxamızı parçaladı. Bilən bilir, bu zülmətə, Bu uğursuz fəlakətə Kim əl çaldı, kim ağladı. -VII** Onlar deyən yalan oldu, Keçən keçdi, olan oldu. Coşdur, bizim günlər, məni! Bir çalışır, bir yaşayır, Bir-birinə çox oxşayır Bu dağlarda türk, erməni. Arzumuzun dərəsindən, Bağımızın bərəsindən Haraylayır Tərtər məni. Aman Tərtər, tut əlimdən, Uzaq düşmə əməlimdən, Yoxsa ellər ötər məni. Biri sızlar, biri yanar, Bilirsən ki, necə anar Qələm məni, dəftər məni! -VIII** Gah o gözdən, gah bu gözdən, Murov dağdan, Alagözdən Verə-verə nişan Tərtər. Dağı-daşı uçuraraq, Torağaydan alıb soraq, Eldən-elə qoşan Tərtər. Bir gurlayan həyat kimi, Dərələrdən ağ at kimi Şahə qalxıb aşan Tərtər. Keçmişini salma yada, Gözdən düşər bu dünyada Düz yolundan şaşan, Tərtər, Nə işin var dağda, düzdə? Bir qan kimi Madagizdə Gəl qəlbimə boşan, Tərtər! -IX** Hər yamacda bir tamaşa, Könlüm uçur dağa-daşa, Seyr etdikcə təbiəti. Dağ başında duman gözəl, Bu qaralan orman gözəl, Könlümdədir məhəbbəti. Kim der sənə yaman, dünya. Sən gözəlsən aman, dünya, Ey günəşin əmanəti! Keçmişin göz yağmurundan, Ürəyimin çamurundan Seçməliyiz şikayəti. Ey əzəldən yığın-yığın, Ölən, qalan insanlığın İlk cənnəti, son cənnəti! -X** Gözünü aç, dağlara bax, Bir gözəldir bu Qarabağ Təbiətin qucağında. Doğmuş kimi ülviyyətin, Gözəlliyin, məhəbbətin Ən səfalı bir çağında Uzun saçlı qızlar kimi, Tar çalaraq sızlar kimi Tərtər gümüş yatağında. Burda versən can, yeri var, Yenə bülbül, qan yeri var Qızılgülün yanağında. Ürəyimdə sözüm qaldı, Bu dağlarda gözüm qaldı Bir maralın buxağında. -XI** Nə deməkdir bu aldanış! Işdən danış, gücdən danış, Çağır yeni mahnı, şair! Çırpınmalı el səsində, Elin köküs qəfəsində Sözlərinin canı, şair! İşə keçməz boş nəğmələr, Dodaqaltı zümzümələr, Orkestrin hanı, şair?! Dönüş yoxdur bir də geri, Şarıldayan bu Tərtəri Yaxşı öyrən, tanı, şair! Həqiqəti görməyənin, Elə könül verməyənin Batsın adı-sanı, şair! -XII** Odlayarkən bağrınızı, Mən duyuram ağrınızı, Darılmayın mana, dağlar! Gətirəcək bu daşqın sel, Qəlbinizdən keçən tunel Ölkəmizi cana, dağlar! Qaranlığı yıxmalıyız, Aydınlığa çıxmalıyız, Nə dərsiniz, buna, dağlar? Çırağınız sönməyəcək, Bundan belə dönməyəcək Ürəyiniz qana, dağlar! Yüksələcək mənliyimiz, Gəlməyəcək şənliyimiz Sayıldıqca sana, dağlar! -XIII** Günəş çıxmış qaranlıqdan, Bir qarışıq dumanlıqdan, Parçalamış qaranlığı... Fəqət bilsən, gün vuracaq, Nə ulduzlar doğuracaq Dühamızın dumanlığı! Şarıldayıb, tüstülənib, Coş, Tərtərim, dağdan enib Gəz dağlığı, aranlığı! Öz gücünü bildir bu gün, Cənnət kimi güldür bu gün İlanlığı, sayanlığı! Yaşa, həyat selimizin, Ağlımızın, əlimizin Qüvvət, işıq sultanlığı! -XIV** Hər dalğası sona Tərtər, Qurban olum sana, Tərtər, Uyut məni yatağında! Könül açan nəğmən, şerin Pıçıldasın bu şairin Ləpələnən dodağında. Yetər artıq üzülməmiz, Işıq kimi əzilməmiz Qaranlığın tapdağında! Ahımızdan meh durmadı, Elə yandıq, şeh durmadı Ömrümüzün yarpağında. Yax lampanı lalə kimi, Sərin nurlu halə kimi Gəlnimizin otağında! -XV** Gəl döyəlim döşümüzə, Başlayalım işimizə, Qüvvət səndən, hikmət məndən. Daşkəsəndə, dağda, daşda, Hər cəbhədə-mərd savaşda Himmət səndən, cürət məndən. Ölkəmizə dəmir gərək, Dəmirdədir asan çörək, Şiddət səndən, zəhmət məndən. Qazax, Yevlax yollarında, Elektrik qatarında Sürət səndən, söhbət məndən. Elə işıq səndən gəlsin, Yar-yaraşıq səndən gəlsin, Şeir, nəğmə, sənət məndən. -XVI** Tərtərhesi seyrə gəlin, Eybi yoxdur bu gözəlin, Bu torpağın aləmi var. Hər dərənin bir əsrarı, Hər yamacın bir baharı, Hər dağın bir görkəmi var. Bu yerlərdə çalışanın, Ay, gün kimi alışanın Nə dərdi var, nə qəmi var? Axşamçağı tarın səsi, Qarabağın şikəstəsi, Hər kəsin bir həmdəmi var. Batma, günəş, bir az dayan, Dar gəlməzmi sana o yan, Bundan gözəl ölkəmi var?! -XVII** Çağırıram mən hər kəsi, Gəlsin, görsün Tərtərhesi, Bilsin, burdan nə hal keçir, Burda köhnə məzarlıqdan, Xəyal olan bir varlıqdan, Bir uzunca kanal keçir. Bu yerdə bir qoca gördüm, Üzünə baxınca, gördüm Könlündən bir sual keçir. Dedim: Qoca, dərdi burax, Mən nəyəm bir ovuc torpaq, Qabağından xəyal keçir. Bu inadlı vurğuya bax, Bu möhtəşəm qurğuya bax, Ömür sönür, tonqal keçir... -XVIII** Əlimdə bir sınıq qafa... Ömrümüzə yoxmuş vəfa, Düşündüm hər adam kimi. Bir aralıq batdım qəmə, Sonra dedim: – Cəhənnəmə! – Gülümsədim Xəyyam kimi. Öz-özümə verdim ürək, Dedim, ömrüm keçsin gərək. Bir işıqlı bayram kimi! Göz gəzdirdim sola-sağa, Baxdım, Tərtər qalxır dağa Bizim köhlən əyyam kimi. Məni aldı bu tamaşa, Boş qafanı çaldım daşa Meysiz, ruhsuz bir cam kimi. -XIX** Ey bu axan duru çaydan, Gözlərimin nuru çaydan Bir dirilik uman ellər! Bu torpaqla, bu Tərtərlə, Alnımızdan axan tərlə Doğrulacaq zaman, ellər! Zaman bizə bir qonaqdır, Alnı açıq, üzü ağdır, Ey mehmana mehman ellər! Onu yaxşı yola salın, Hər dərdini xəbər alın, Aman ellər, aman ellər! Könlümuzdə, gözümüzdə, Qəlbimizdə, üzümüzdə Görünməsin duman, ellər! -XX** Səhər, axşam öz yerindən Keçsin, çocuq gözlərindən Keçən lətif uyqu kimi. Filiz deyə, çiçək deyə İş nəğməmiz hər zəmiyə Hopsun sərin bir su kimi. Hər şey ləzzət versin bizə. Dolsun geniş qəlbimizə Bu dünyada arzu kimi. İşdən sonra, axşamçağı, Əlimizdə mey bardağı Mələşəlim quzu kimi. Sinədə tar, əldə qaval, Bu dünyada bir kapital Varmı insan oğlu kimi? -XXI** Bir saz kimi dərələrdə, Çağıldayın pərdə-pərdə, Ey ruhuma yaxın, sular! Yoxdur sizdən fərqim mənim, Sükut deyil şərqim mənim, Dayanmayın, axın, sular! Bir uyqusuz ürək kibi Çeşməmizin həyat dibi Qurumasın, saqın, sular! Bizim yaşıl ruhumuzun Mahnısını uzun-uzun Çağırınız, daşqın sular! Söyləyiniz dastanını, Çınlatınız kamanını Gözəlliyin, aşqın, sular! -XXII** Dayanmayın, ellər, gəlin, Ey tükənməz sellər, gəlin, Səslənəlim rübab kimi. Hər könül öz hesabına, Əbədiyyət rübabına Toxunmalı mizrab kimi. Ürəyimiz sərin olsun, İzlərimiz dərin olsun Göy üzündə şəhab kimi. Al günəşin altında biz Kaşanələr tikməliyiz, İşıqları mehtab kimi. Dostlar, baxın bir yuxarı, Göydə ulduz salxımları, Sıxın, için şərab kimi! -XXIII** Bu nəğmələr Tərtərdəki, Torpaqdakı, bəşərdəki Işıq-qüvvət nəğməsidir, Bu nəğmələr mədəniyyət, Dünyadakı şirin ləzzət, Yüngül zəhmət nəğməsidir. Bu nəğmələr dərin-dərin, Geniş-geniş ürəklərin Səmimiyyət nəğməsidir. Bu nəğmələr məlahətə Gözəlliyə, məhəbbətə Olan hörmət nəğməsidir. Bu nəğmələr kainatın, Dadlı-duzlu bir həyatın Əbədiyyət nəğməsidir! * * * Təzə ev Gənc kolxozçu qardaşlarıma ithaf Usta bir ev tikirdi, gözəl işdi gördüyü, Sanki bir cift qaranquş yuvasıydı hördüyü. – Can usta, mən bir çəlik yay kimi qurulmuşam, Urəkdən ahu gözlü bir qıza vurulmuşam. Həm gözəl, həm yeyin tik ruhumun məvasını, Əldən-ayaqdan düşən qəlbimin sevdasını. Qəlbimin dünya qədər şirin arzularını, Günəş fikirlərini, bahar duyğularını Qəşəng, ağ otağımda uyutmaq istəyirəm, Həsrətimi, şövqümü ovutmaq istəyirəm. Usta bir ev tikirdi, gözəl işdi gördüyü, Sanki bir cift qaranquş yuvasıydı hördüyü. – Can usta, mahir usta, gərək işin iş olsun; Çırağban göylər kimi eyvanım geniş olsun; Uzaqlaşsın xəyalım qaranlıqdan, vərəmdən, Ay batsın pəncərəmdə, gün doğsun pəncərəmdən; İşıq gülsün, oynasın evimdə ruhum kimi, Gələcək lalə üzlü, nur topu yavrum kimi. Usta bir ev tikirdi, gözəl işdi gördüyü, Sanki bir cift qaranquş yuvasıydı hördüyü. – Can usta, axı mənim böyük bir niyyətim var, Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. Can usta, qurtarsana ruhumun məvasını, Uyutmaq istəyirəm qəlbimin sevdasını! Həyətimdə səfalı bir bağ salacağam mən, Yurdumda bir misilsiz bağban olacağam mən. Çiçəklərlə, quşlarla dolacaq bağım mənim, Daşacaqdır həyatla əlvan otağım mənim. Ömrümüz həmişəlik bir bahar qucağında, Günəşin təbəssümü yarımın dodağında... Usta bir ev tikirdi, gözəl işdi gördüyü, Sanki bir cift qaranquş yuvasıydı hördüyü. * * * Telefon söhbəti Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sevimli gözlərin mənə. Yaxındır telefon sayəsində bax, Ürəkdən saçılan sözlərin mənə. Neçin ruhlanmasın bu yeni şair, Çapar gözləməyir canan elindən, Çılğın arzuları eşqinə dair Mərhəmət ummayır səba yelindən. Əvət, böylə qalmaz yarın bu ölkə, Telfonda fikrimi açarkən sənə, Həsrətlə baxdığım üzün də bəlkə Uzaqdan-uzağa görünər mənə. Məhəbbətin dərin, xəyalın dərin, Nə çıxar sözlərə könlümü versəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur gözlərini telfonda görsəm?! Məni inandırmaz yoxsa bu sözlər, Az iş gəlməmişdir qərib başıma. İstərəm ürəyin aynası gözlər Açıb həqiqəti qoysun qarşıma. Əvət, böylə qalmaz yarın bu ölkə, Telfonda fikrimi açarkən sənə, Həsrətlə baxdığım üzün də bəlkə Uzaqdan-uzağa görünər mənə. * * * Torpaq və traktor Qranit damarları ey çəlik qanlı torpaq, Paltarı sərt dəmirdən əli qalxanlı torpaq, Nə der sinəndə meydan sulayan, hayqıran div? Der ki, mənim varlığım uyuşub yatan deyil, Dişləri tez oynayan xış deyil, kotan deyil, Köksünü bıçaqlayan, qollarını qıran div! Gəl yeni cəlladını- bu nəri dinlə, torpaq, Onun çıxardığı gur səsləri dinlə, torpaq. Ayaq iti, baş yekə, saçlar buluddan siyah... Möhtəşəm gövdəsilə keçərkən üzərindən, Neçə neştər iz qaldı qartlaşan içərindən, Bizim div çınlatarkən qulaqlarında qah-qah?... * * * Torpaq Hər şeyin anası, qaynağı sənsən! Sənin varlığına ölüm-itim yox. Sən bütün-bütünə ruhsan, bədənsən, Gözəl torpaq, sənə çox borcluyam, çox! Bu qardaşım ağac, bu dal, bu yarpaq, Hamsını canladan sənin şirəndir. İnsan da, ey qoca, ey köhnə torpaq, Sənin hər addımda dəyişdirəndir! Sən və mən bir ruhuq iki qalıbda, Qara torpaq, səni yerdən alıb da Göylərə qaldıran əməllərindir! Sənə qüvvət verən, sənə ruh verən, Çoraq çöllərini çiçəkləndirən Mənim şən əməyim, alın tərimdir! * * * Tozanaq Yenə toz... aman, bu toz buludları nə istər Bilməm səndən ey Bakı, sən ey atəş diyarı! Sən ey birdən dirçəlib, birdən boy atan şəhər, Üzərindən qovsana bu iynəli ruzgarı! Neçin soqaqlarından yolçular ötən zaman Saçlarını oxşamaz lətif əsən küləklər? Neçin yanıq çöllərin bitirməmiş bir fidan? Neçin sinəni öpməz gözü yaşlı çiçəklər? O dilbərin... qaşları altındakı güllər, ah, Rəvamıdır bulansın zəhərli tozlarınla? O bir yaz səhərindən daha şux olan nigah Rəvamıdır sıxılsın hər acı ruzgarınla? Buna səbəb mənmiyəm, yoxsa keçmişin oğlu? Yoxsa səni bu hala salmış qoca təbiət? Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu Diyor:- xayır, deyildir məndən uca təbiət! Hər şey bu bir cüt qolun əsiriykən, neçin də Bu günahı üstünə atalım təbiətin?! İstəsəydi daima gül yarpaqlar içində Bəsləyərdi cismini o keçmiş cəmiyyətin. Fəqət onlar yapmadı, əkmədilər bir ağac, Bir bağ salmadılar heç qum dolu çöllərində; Bir yetimin halını andıran bu ehtiyac Təmin olunur ancaq bu günün əllərində. Tozlanmış, bir vərəmli kitab oxutdurmasın Hər tozanaq sinəndə yaşayan bu gənc elə. Istəməm, o küləklər pəncərəmi vurmasın Sapsarı bir kölgənin qubarlı əllərilə! Mən istərəm dörd yanın ormanlarla qapansın, Nəfəs alıb verəsən göy yarpaqlar içində. Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın Gəzdikcə zövqə dalsın kölgə bağlar içində. O zaman Vaqif kimi, şaqrayan Nədim kibi Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm? Onda hansı şairin hasil olmaz mətləbi Ağaclıqlarda ellər eylədikcə təkəllüm?! Onda iki tərəfdən mənə təsir edərsən, Onda iki eşq ilə qəlbimi titrədərsən. Onda sinəmdə bitmiş dalğalı otlarından, Vərəqlərdə oxşanan qaynar zavodlarından, Alıb doyunca ilham, Mən hər səhər, hər axşam, Bağırarkən şeirimi mən bar-bar üfüqlərə, Onda göy saçlarını oxşayan dadlı yellər, Bəstələyib şeirimi, qaçarlar üfüqlərə. * * * Ustalar Bu yeni il günəş deyil, Elektrik işığilə işıqlanan Bir diyarın bayramı. Maşın yapan, Kağız kəsən, Hesab çəkən, Ip əyirən, Əkin əkən Cansız dəmir ustaların bayramı! * * * Ustamıza Burax şeir kürəsini qaplasın məlal, Gözümüzə görünməsin başqa bir xəyal, Qarşımızda yalnız onun xəyalı dursun, Bizdən sovet sənətinin sirrini sorsun, Sızıldasın qəlbimizin tarında hər sim. Durdu sənət dühasının ürəyi – Maksim! Nə qalmışdı bu dünyada açılmamış, nə? Əsrlərin şairləri insan qəlbinə Cumub nələr, nə incilər çıxarmadılar?! Gəzdi xəyal iqlimində min bir sənətkar, Sandılar ki, bu dünyanın sözü qurtardı; Ancaq hələ açılmamış bir qitə vardı, Bir qitə ki, şanlı adı əmək dünyası. Böyük usta! Əlindəki şeir fırçası Bir zamanlar dumanların altında qalmış, Üzərini ölümlərin kabusu almış Bu qitənin rənglərindən yapdı bir dəmət, Cilvələndi mənasında insan və zəhmət! * * * Ulduzlar Bəzən titrəşərək parlayırsınız Göylər bağçasında lalələr kimi, Bəzən yaş tökərək ağlayırsınız Lalələr üstündə jalələr kimi. Baxarkən süzülən gözlərinizə, Deyirlər: nə qədər siz yovuqsunuz. Həqiqətdə isə bir-birinizə Siz çox iraqsınız, çox sovuqsunuz. Fəqət biz – o gözəl sevgilimlə mən Uzaqdan-uzağa tanış deyilkən Nə qədər yaxınıq, öyrənsəydiniz. Şirin söhbətlərdən uzaq da olsaq, Uzun illər boyu ayrı da qalsaq, Eyni duyğularla vurur qəlbimiz! * * * Üçdən birə Yenə bizim könlümüzdən bir səs gəlir, Bu səs bizim qurduğumuz həyat kimi yüksəlir. Yüksəldikcə çəkir bizi özünə, çəkir bizi – Fikrimizi, qəlbimizi Qardaşlığın günəşli gündüzünə. Bu səs bolşevik səsi. Bu səsə cavab verir milyonların beynəlmiləl nəğməsi. Bu səs tarladan qopur, Bu səs dəzgahdan gəlir, Bu səsin üzərində həyatımız yüksəlir. Cana gəldik On-on iki il bundan əvvəl bizə əngəl Əsrlərin ehtiraslı əlindən; Kürün rəngi qızardı Qacarın Tiflisdəki canavar əməlindən Hər axına keçid olduq, yaş süzməkdən yorulduq. Əridi həyatımız, Ağımız, bayatımız. Unutmadıq Qarabağda Qacarın qarşısında lalə kimi sallanan qanlı-qanlı başları. Unutmadıq Gürcüstandan İrana qamçılarla yollanan təzələri – yaşları. Unutmadıq Şirvandakı talanı, Yox sözümün yalanı. çapavul Osman paşa Şirvanı tutdu daşa. Qılınclara dayandı xəncərlər, Qapılar, pəncərələr yerindən çıxarıldı. Hətta şişə gəlinlərin cingildəyən biləkləri qırıldı. Unutmadıq yerli dərəbəylərin Qışda isti, yayda sərin ipək saraylarını. Çox eşitdik tarixin məchul üfüqlərindən Yoxsul, köylü qızların Odalıqlardan gələn gücsüz haraylarını. Unutmadıq çöllülərin qarşısında diz çökən, “Oğlum ölsün” – deyərək, yalandan min dil tökən, Hər arşına üç çərək sürüşdürən taciri. Unutmadıq ikibaşlı qartal çarı, Çəkdi bizi gah aşağı, gah yuxarı. O da illər uzunu Buludlu uzaqlardan Bir qanlı şimşək kimi sıyırdı xəncərini. Unutmadıq onların miyançısı kəsilən, mərhəməti əksilən Qafqazın bəylərini. Unutmadıq xalqı soyan, Xalqı quru yerdə qoyan Seyidləri, mollaları, axundları, dərvişləri, məscidləri, pirləri. Bizi az oynatmadı, bu “cənnət müxbirləri”. Unutmadıq müsavatı, menşeviki, daşnaqı. Çalındı əməkçi kütlənin haqqı. Hərəsi bir cahangirin nökəri: Biri alman, digərləri ingilisin çakəri. Bunlar belə az qırmadı. Bunlar da az anqırmadı bu diyarda, buralarda Bir gün qalxdı bizimkilər, Keçmişləri yaxdı, yıxdı bizimkilər. Bizimkilər yıxdı, qurdu, Qovdu burdan bu üç qurdu. Bu gün bizim şənliyimiz... Biz hər şeyə hakimiz. Hakimiz təbiətə, Kür işlər, Zahes işlər. Mil düzündə, Bakıda Ağ qızıl, qara qızıl Deyərək, hər kəs işlər. Həyat genişləməkdə; İnsanlar işləməkdə. Çağlayanlar əlimizdə güc olur. Yarın savaş olursa, fikrimiz çəkic olur Əzmək üçün kapitalın başını. Biz atmışız, atacağız tək daxmanın, tək öküzün, tək tarlanın, tək ocağın, tək odun, tək fabrikin, tək zavodun daşını! Əldə beşillik plan, Böyük işdir – yapılan. Məqsəd dəmir, iş dəmir, Həyat – tərpəniş dəmir. Qurduğumuz bu dünyanın dönən çarxı dəmirdən. Mədənləri, şaxtaları, tarlaları, Gavur-arxı dəmirdən. Bu diyarda türk, erməni, gürcü var. Bu diyarın bir yıxılmaz proletar bürcü var. Sarsıtamaz bu bürcü Kapitalın topları, onların hap-gopları! Bu diyarda xərabəlik əsəri yox. Burda əski bayquşları bir əxlaqsız nəzərilə çağıracaq Başı əsən evlərin kölgələnmiş gözləri yox. Burda həyat günəşlərin qucağında xumarlanır. Burda həyat ayların yumşaq, sərin yelpiyilə tumarlanır. Burda həyat zərbəli, Burda həyat yarışda; Insanlar axtarışda. Günəş almış sanki bizi yedəyə... Heç qoyarmı canımıza soyuq dəyə. Bu gün bizim birliyimiz qızıl kimi təmizdir. Qızılımız – cingildəyən səsimizdir. Bizi fabrik, bizi zavod, bizi kolxoz bir yığnağa toplamış. Fikrimizin axını beş qitəyi qaplamış. Nə müsavat, nə menşevik xülyası. ə də daşnaq röyası bizim sakit yataqlarda oyanmaz... Qanımızda əski çürük millətçilik qaynamaz! Üfüqlərdə qanadlanır şura Zaqafqaziyası. Bu diyarda gələcəyi salamlayır sosializm dünyası. * * * Üç sağlıq Gecənin dodaqları gülümsəyirdi, Masabəyi sevinclə: – Için! – deyirdi. – – İçin, bu altun şərab torpağımızda, Şirin zəhmətimizlə, can bağımızda Bəslənən tənəklərin şirəsidir ki, Hətta bir az köhnədir, deyil bu ilki… Üzlərdən ruzgar kimi keçdi fərəhlər, Gecə gün bulağından doldu qədəhlər. Dostlar içib gözləri süzülü qaldı; Tuş meydən dodaqları büzülü qaldı. Bu insanlar kimdilər? Sizin tanışlar! Sizin kimi dünyada çağıldamışlar. Canlarından fışqıran hər yeni zəhmət Artırmış bir qüvvətin üstünə qüvvət! Bu gecə bu səbəbdən ləzzət alırlar, Boş vaxtı kefləndirib yola salırlar. Çalan kim, oxuyan kim, qarışmış ara, Qonaqlar bir ağızla söz vermiş tara. Tar da sarı simində nəysə deyirdi… Gecənin dodaqları gülümsəyirdi. Bu gün təzə bir gülün açdığı gündür, Dünyadan yalnızlığın qaçdığı gündür. Dost evində çəkilmiş yeni nəfəslər, Əks etmiş divarlara işıqlı səslər. Başlamış bu ocaqda yeni sevişmə, Açılmışdır həyatda bir yeni çeşmə. Ana tutmuş körpəni öz qucağında, Sanki bir gül açılmış cahan bağında O çocuq bu köküsdə bir bəşərmidir? Yoxsa su üzərində neylüfərmidir? Əbədidir cahanda deyə izləri, "Atanın da qürurla gülür gözləri". – Doldurun qədəhləri! – kimsə başladı, Danışanlar susdular, tar yavaşladı. – Ana! Ana!.. Əbədiyyət çeşməsi. Nə acıdır yaman günə düşməsi! Ana olmaq şərəflərin şərəfi. Bu sinəsi inci dolu sədəfi Uzun zaman ayaqlara saldılar, Göyərçini ilan kimi çaldılar. Gözəl ana, sənin büllur canında, Şəfəqlərə ilham verən qanında Nəğməmizin ilk büsatı quruldu, Göz yaşımız ürəyində duruldu. Ana, sənə rəvamıdır alçalış? Qoynun beşik, yumşaq sinən nazbalış. Aman, sən də ləkələnmə, gözəl qız! Qaranlıqda kölgələnmə, gözəl qız! Cilvələnmə xırsızların içində. Ala gözlü ulduzların içində Aydan aydın, sudan duru gecələr, Xoş o qıza sevdasını hecələr. Ürəyində çiçəklənən muradı, Dodağında təbiətin ilk dadı, İlk gülüşü qəlbimizi yandırar, "Söz içində sözü yara qandırar". Gözəl qadın, çiçəklənməz ruhumuz, Xəyalımız, düşüncəmiz, duyğumuz, Bulud kimi könlümüzdən keçməsən, Sən həyatın dodağında nəğməsən, Sənin ana baxışında qüvvət var, Məhəbbət var, səadət var, ləzzət var. Əzəl səni quzu kimi izləyir, Əbəd durub yollarını gözləyir. Gəl bərabər fərəhlənib uçalım, Sonsuzluğun qapısını açalım! Sağlıq bitdi, yerindən məclis oynadı, Üzlərdə cilvələndi bir hiss, oynadı. Hamı: – Yaşasın, – dedi, ana gözəllər, Ömrümüzün çayında sona gözəllər! – Tar səsləndi, kaman da ona qoşuldu, Hər könül fərəhindən uçan quş oldu. – Qaldırın qədəhləri! – Gülüş, qəhqəhə… Dostlarımız vurdular qədəh qədəhə. Dostlar içib gözləri süzülü qaldı, Turş meydən dodaqları büzülü qaldı. Yenə tar, bir nəfər də yenə deyirdi. Gecənin dodaqları gülümsəyirdi… Gözəllik yuvasında gözlər quş kimi, İpək qanadlarilə uçurmuş kimi… – Dostlar! – deyə bir qadın ayağa qalxdı, Mehriban gözlərilə məclisə baxdı. Bir az əndamı oldu titrəyən kimi, Hissinin sularında bir yelkən kimi Ağ sinəsi qabardı, sözə başladı. Danışanlar susdular, tar yavaşladı – Sevincdən bu saat qəlbim atlanır, Gözümdə göy uçur, yer qanadlanır. Hər yerdə, hər zaman istəyirəm mən Tutsun gözəlliyin eşq ətəyindən! Bu yolda şənlənib ucalsın ellik, Kimi sevda olsun, kimi gözəllik. Vay ona: ruhunun tükənməz yası, Tutmaz ürəyində eşqin mayası, Boş həvəs uğrunda canından keçər, Əzab laşəsinin yanından keçər, Quzğun tək üstünə gülərək qonar. Bir kaman sızıldar, bir könül yanar! Vay o gözəllərə, açmaz gül kimi! Vay o mərdlərə ki, bir bülbül kimi Bir bağda gözünün yaşını tökməz, Səadət gülünün ətrini çəkməz! Bizə gəl-gəl deyir işıqlı günlər. Oyunlar, nəğmələr, toylar, düyünlər. Bizə gəl-gəl deyir günəşlər, aylar, Yerlər, göylər, sular bizi haraylar. Bizə gəl-gəl deyir qüvvət, məharət, Əmək, mübarizə, həyat, cəsarət. Bizi haraylayır altun şəfəqlər, Ömür kitabında yeni vərəqlər. Bizi haraylayır, şanlar, şərəflər, Gələcək günlərin ruhu xələflər. Ər odur, bu günü görür yarından Musqulu torpağın damarlarından Daha möhkəm olur, daha sərt olur. Boş keçən bir günü ona dərd olur. Ər odur, ürəyi duru çeşmədən, Ellər gözəli də xofə düşmədən İçər çiçək kimi onun suyundan, Dünyada ləzzətli nə var ki, bundan?! Qopdu alqış, gurultu: – Yaşasın ərlər! Biri gülərək dedi: – Indi içərlər! Yaşasın sağlam ata, qüvvətli bağban! Yaşasın dünyadakı solmaz gülüstan! Qədəhlər cingildədi, tar dilə gəldi; Səsində el qüvvəti, yar dilə gəldi: "Qapıdan huru gəlir, Gözümün nuru gəlir, Bu arxı kim arıdıb Su belə duru gəlir?" Bülbül uçdu qəfəsdən, Gül açıldı həvəsdən, Gözüm gözəldən doymaz, Qulağım incə səsdən. – Yaşasın bülbülün, gülün masalı! Hər kəsin üzünə gülsün iqbalı! Dolansın fələyin asudə çarxı, Yaşasın ellərin işıqlı arxı! – Deyərək, bir nəfər yenə söz aldı. Bu məclisin halı başqa bir haldı!.. – Çocuq… bu qönçənin qoxusu başqa; Alqış bu qönçəni bəsləyən aşqa! Nələr gözləməyir gələcək ondan? Çocuqsuz ev nədir, bir qara zindan! Çocuq insanlığın əbədiyyəti, Şərəfli torpağa şərəf qüvvəti! Çocuq açılmamış bir dəfinədir, İnsan dövlət üçün bir xəzinədir. Bizə gizli qalan gözəllikləri Onun zəhmətləri, saf ilikləri Yarın kəşf edəcək, cahan böyükdür. Bu insan oğlu da ondan böyükdür! Vay ona, dünyadan sovunsuz gedər, Nəğməsiz, nəşəsiz, oyunsuz gedər! Gedərkən çevrilib ardınca baxmaz, Hətta karvan kimi bir toz buraxmaz. Keçər bu dünyadan quru səs kimi, Bir ruzgar, bir xəyal, bir nəfəs kimi. Biz ayız, günəşiz, ulduzlar çocuq. Yaşa bu dünyada bəxtiyar, çocuq! Döyün, ey qüvvətin nəşəli qəlbi, Yaşa günəş kibi, kainat kibi, Bizdən də asudə, bizdən də parlaq, Bizdən də möhtəşəm, bizdən də qıvraq! Yaz kimi qoynunu açsın gələcək, Yollara gül-çiçək saçsın gələcək! Ona qonaq gəlir yeni nəsillər, Açsın saxlancını şanlı fəsillər, Bilsinlər cahana nə canlar gəlir, Dirilik yolçusu insanlar gəlir! – Sağ ol! Sağ ol! – səsləri məclisi sardı. Gurultunu bir könül nəğməsi yardı: Bağçada güllər, Sarı bülbüllər, Bu balama qurban! Duyğusuz ellər. İlk məhəbbətim, Qəlbim, qüvvətim, Eyşim, işrətim Bu balama qurban! Əlvan çiçəklər, Zər kəpənəklər, Kinli ürəklər Bu balama qurban! Göydə ulduzlar, Yerdə yarpızlar, Avara qızlar Bu balama qurban! Dünyanın malı, Cahı-cəlalı, Şövqü, vüsalı Bu balama qurban! Onlar oxudu, çaldı, oynadı, çaldı, Bu hal dilə gəlməyən başqa bir haldı. Onlar həyat eşqinə, dünya eşqinə, Zəhmətə rövnəq verən sevda eşqinə İçdilər, dəm vurdular saysız xəyaldan, Həyatın cövhərindən, büllur zülaldan, Keçmişdən, gələcəkdən, şanlı bu gündən, Səadətdən, əməkdən, toydan, düyündən. Onlar şərab içdilər şərab eşqinə, Şeir, nəğmə, gözəllik, rübab eşqinə. Təbəssüm dünyamıza bəzəkdir deyə, Gülümsəyib vurdular badə badəyə. Onlar şərab içdilər, səfa sürdülər, Açıq pəncərələrdən baxıb gördülər: Ruhumuzdan tökülən nəğmələr kimi, Dəyərli, dadlı-duzlu kəlmələr kimi Ulduzların əriyib üzüldüyünü, Göylərin süzgəcindən süzüldüyünü. Gördülər dan yerinin söküldüyünü. Qaranlığın əriyib töküldüyünü, Artıq hamı: – Gedəlim, yetər! – deyirdi, Günəşin dodaqları gülümsəyirdi. * * * Ürək Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim. Sevgi hədəfinə nişan alanda Dəydimi oxların daşa, ürəyim?! Sevgi dəryasında ruhum bir ada, Fırtınam ziyada, dalğam ziyada, O ellər gözəli düşəndə yada, Az qalır xəyalım şaşa, ürəyim! Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim! * * * Üsyana başla Əsrlərcə şərqlilərə kəsildin acı, Sən ey vəhşi, sən ey azğın imperyalizm! Gəl Çindəki üsyanlara baxma qıyqacı, Düşün, bu gün onlarda var böyük bir əzm. Qızıl Kanton orduları alovlu bir dağ Kimi salmış varlığına atəş, zəlzələ, Şanxay qalsın, Nankinə də etdin əlvida, İnqilabın zərbəsilə gələrək dilə. İndi coşqun bir dənizdir hər işçi Çində, Çəkil geri, qorxutmaz kimsəyi qüvvən, Sən get hərbin yollarını Kantondan öyrən! Deyirlər ki, Nankin yanır alov içində, Yarın sönər zalımların tökdüyü yaşla. Salam sənə, Çin işçisi, üsyana başla! * * * Yadıma düşdü Keçən günlərimi vərəqləyirkən Sevdalı dillərin yadıma düşdü. Xəyalın qarşımda canlandı, birdən Göyərçin əllərin yadıma düşdü. Deyildir eşq odu məni yandıran. Ruhumun şəhrini işıqlandıran, Pozğun şəfəqləri mənə andıran Ziyalı tellərin yadıma düşdü. O gün də bir gündü, ey üzü dönmüş, Sandım içində bir qaplan döyünmüş. Bir anda köpürmüş, bir anda sönmüş Xırçın əməllərin yadıma düşdü. * * * Yarış Hər kəsin əlində beşillik bir plan, Hər yerdə başlamış diqqətli axtarış. Hər yerdə başlamış sürətlə yapılan, Qafalar sındıran dəyərli bir yarış. Şaxtalar, zavodlar, fabriklər yarışda, Ocaqlar, dəmirlər, çəliklər yarışda. Çıxmışdır yarışa qayışlar, təkərlər; Çıxmışdır yarışa mədənçi, çilingər. Beyinlər, duyğular, ürəklər yarışda, Sementli özüllər, dirəklər yarışda. Sobalar qızışıb, töyşüyür körüklər, Çağlayır borular, oxuyur düdüklər. Köylərə sürüylə daşınır traktor, Obalar kəsb edir möhtəşəm bir dekor. Kəndlilər təklikdən bədgüman olub da Gurlayır kolxozda, çaxnaşır klubda. * * * Yarış (Mikayıl Müşfiq) Bu arzu göylərdən enmədi, yahu, Makina əsrinin fərmanıdır bu. Kapital boynunu şişirmək için Böylə bir yarışa çıxdı ilk öncə. Kəndi şorbasını bişirmək için Ocaqdan ocağa uzatdı pəncə. Öncə səhmdarlar gəldi diz-dizə, Həpsi toxluğundan açdı ağzını. Acıqla çıxdılar sonra üz-üzə, Bu yarış qovğaya çəkdi bəzini. Dünən üç iqlimdə qurulan pusu, Həycanlı ciblərin son həvəsiydi, Gözlərdə dolaşan qanqırmızı su Ötən yarışların nəticəsiydi. Hər kəs bilir Bizim yarış Nə deməkdir, Niçindir. Bu çırpınış, bu axtarış İctimai cəmiyyəti sağlam qurmaq içindir. Məmləkətə, cəmiyyətə, əzizinə, Özünə Kim istərsə qursun böyük bir yarın, Tutsun ətəklərindən bu çapqın yarışların. O da bu yarışda əjdərə dönsün, Bir qından çıxan xəncərə dönsün. Zavodlar da, fabriklər də coşaraq, Bu yarışa hazırlamış bir maraq. Sobalar çıtırdıyor, Təkərlər tıqırdıyor, Tövşüyor körüklər, Ötüyor düdüklər. Əksi-səda verən dəmir dirəklərlə bərabər Bunlar çıxmış yarışa. Bir ciddi axtarışa Umuzlarla, biləklərlə, ürəklərlə bərabər. Bu yarış, Bu axtarış Istiyor ki, Diyor ki, Könül dənizləri coşub qabarsın. Sağlamlaşıb şüuru hər işçinin, Taleyini sürükləsin sevincinin Arxasınca aparsın. Lirikanın dənizləri hər çöldə, Hər könüldə Bir səraba dönərkən, Hətta söz söyləmək də ağır bir iş deyildir, Kim istərsə yazar şeir, Lakin bir az beyinlə əylənərək oynamaq, Yarışa çıxmaq gərək. Çağlayan kimi coşmaq, bulaq kimi qaynamaq, Ürək damarlarını yerindən qoparıb da Həyat dinən klubda Ovucda sıxmaq gərək. Hər kəs bilir Bizim yarış Nə deməkdir, Niçindir. Bu çırpınış, bu axtarış Ictimai cəmiyyəti sağlam qurmaq içindir. * * * Yağış yağarkən Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud toqquşaraq, İldırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Çaxnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baxın, qaldırımlar. Dönmələrdə durana bax, qaçana bax! Qaldırımda o balaca oğlana bax! Öz döşündən yeni sözlər toxuyaraq, Ayağını şappıldadır oxuyaraq. Gülə-gülə bir qız qaçır o səkidən, Ürəkciyi xali deyil səksəkidən, Yağ, yağışım, yağ sel ol, yağ! Sırma-sırma, tel-tel ol, yağ! Çözül, sən ki kölgəli bir yar saçısan, Bağrıyanıq səhraların əlacısan. Yağ, yağışım, sellənərək Sırmalanıb tellənərək! Zümzümənlə şirin-şirin dillən, yağış. Küçələrdə uşaq kimi vellən, yağış! Bunlar keçər, çarpsın, səma, köksüm kimi, Ey ildırım, səs ver mənə, səsim kimi! Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaxın çöllərə yağ, Ölkələrə, ellərə yağ! Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. * * * Yaşa könül! Ah, bu uzun sevda yolu Vurulurmu başa, könül! Nişan aldım, kaman atdım, Dəydi oxum daşa, könül! Bir od düşdü buluduna, Yandı könül eşq oduna, Qaldın hicran umuduna, Ey qırılan şişə könül! Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən, Mən dönərəm, sən dönməzsən, Yaşa, könül, yaşa, könül! * * * Yalnız ağac Olduqca qayğılı, olduqca qəmli, Sadə mənzərəli, sadə görkəmli Yalnız ağac baxır bir dağ başından. O hansı əyyamın iğtişaşından, Hansı zəlzələdən olmuş müztərib? Düşünür təklikdə sanki bir qərib. Sarmış çevrəsini inadlı bir çən, Danışır haqqında hər gəlib keçən. Sanki fələklərin fırtınasından, Bir yavru ayrılmış öz anasından. O, yoxsa kimsəsiz bir çobanmıdır? Sürüdən ayrılan bir ceyranmıdır? Sularda, dəhşətli göy dalğalarla, Atəşin zərbəli qasırğalarla Sarsılan çarəsiz bir yelkənmidir? Onun gözlərində həyat şənmidir? Bu yanda səfalı qalın bir orman, Yaz olsun, qış olsun, gülür hər zaman. Quşların nəğməsi, suların səsi, Ətirli güllərin sərin nəfəsi Davasız dərdlərə gizli əlacdır. Məni düşündürən yalnız ağacdır. Zavallı qardaşım! Böylə keçərsə, Əbədiyyət sənə qanad da versə, Səndən qalmayacaq nişan dünyada, Dirilik eşqilə coşan dünyada. Bir tufan qopacaq, saralacaqsan, Bir şimşək vuracaq, qaralacaqsan. Başında oynayıb qəm buludları, Sökəcək bağrını ölüm qurdları. Mən də sənin kimi yalnız ağacdım, Təklikdən usanıb axırda qaçdım. Qəlbimlə, ruhumla qoşuldum elə, Düşüncəm sakitdir o gündən belə. Bax, indi mən hara, yalnızlıq hara? Azad fikirlərə, azad quşlara Qəlbimin hər gözü bir aşiyandır, Bədbəxt bu dünyada tək yaşıyandır! * * * Yenə o bağ olaydı Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri! Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni... Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Yerin boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır. Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? * * * Yeni gənc Mən çəlik ürəkli bir yeni gəncim, Dildən-dilə düşmüş hekayətim var. Həyat nəşəsilə titrəyir içim, Parlaq gələcəyim, nəhayətim var. Bir parça atəşim, bir parça yanğın, Qəlbim örnəyidir yanar bir dağın. Qarşımda duramaz nə sel, nə daşqın, Təbiətlə mənim zərafətim var. Sevgim mübarizə, sevgilim həyat, Yəhərlənmiş mana qanadlı bir at. Gör nə deyir sizə çaldığım qanat: Hələ bundan sonra qiyamətim var. * * * Yeddi aşıq Onlar yeddi aşıqdı, Ellərə yaraşıqdı. Hamısının telli sazı, Ildırımdan avazı, Fikirləri nur kimi, Sözləri yağmur kimi, Çıxmışlar bərkdən, boşdan, Olmamışdan, olmuşdan Yaxşı xəbərdardılar, Kamil sənətkardılar. Budur, mənim ərənlərim, Çox gəzib, çox görənlərim, Bayram günü, bir şənlikdə, Bir səfalı çəmənlikdə Sıra vurmuş, oturmuşlar. İçlərindən ən ixtiyar, Bir ağsaqqal ərən qalxdı. Bulud keçdi, şimşək çaxdı O qalxarkən bu məclisdən, Qopdu alqış alqış üstdən. Xitab etdi qoca ərən: – Dostlar! – dedi, – çərən-pərən Söhbətlərin vaxtı keçdi; Ağır günlər axdı, keçdi. Biz ruhların fəzasına, Könüllərin dəryasına Dalıb, dalıb tapmalıyız Yeni inci, yeni ulduz. Indi saya vadilərdən Külək kimi əsməliyiz. Yeni yollar kəsməliyiz. Aranızda varsa yayan, Dənliyində söz olmayan Xəcalət verməsin bizə, Girişməsin bu məclisə. Məclis başqa bir məclisdir, Hamı həkim, mühəndisdir Öz işində, öz gücündə. Əziz dostlar, bu şad gündə Bayağı söz oxumayın! Alçaq qumaş toxumayın! – Deyib qoca aşıq oturdu. Sıradan ilk dəfə orta yaşlı biri çıxdı. Üzünü məclisə tutub dedi: – Mənim nəğməm alnımızın qırışlarından tər kimi sızar, həyat bağçamızın arxlarından sərin sular kimi axar, sərhədsiz, azad torpaqlarımızda azad əməyin nəğməsini oxumaq mənə nəsib oldu. Bu bizim əzəliyyət və ədəbiyyət mahnımızdır. Insanıinsan mərtəbəsinə çıxaran da odur. Vaxtilə göz yaşlarımızı andıran sular, dərdimiz kimi qat-qat torpaqlar artıq öz əlimizdədir.Atalarımız becərdikləri bağçalara hasar söküklərindən həsrətlə baxardılar. İndi bu bağçaların bağbanı da, sahibi də bizik. Hər kəs öz əmək baharından istədiyi feyzi aparsın. Bizdə ancaq işləməyən dişləməz! Xoşdur təzə bir çiçəkdən gülab çəkər kimi dirilikdən kam almaq! Arzularımızın torpaqlarına gülə-gülə saçdığımız həvəs toxumlarının meyvəsini dadmaq ləzzətlərin ləzzətidir! Sonra sazını döşünə sıxdı, oxumağa başladı: Ellər, gəlin iş görəlim Siz bir yandan, biz bir yandan. Ömrümüzü xoş sürəlim Siz bir yandan, biz bir yandan. Məhəbbətlə sarışalım, Ayla, günlə yarışalım, Ulduzlara qarışalım Siz bir yandan, biz bir yandan. Azad əmək, azad torpaq, Qəlbimizdə sevgi, maraq, Əl çalalım şaraq-şaraq Siz bir yandan, biz bir yandan. Yeddilərdən ikincisi meydana atıldı. Yarışa çıxmış kimi, ətvarında bir dirilik sezilirdi. Bir o başa, bir bu başa getdi; baxalım nə dedi: – Mən gəlib keçən nəsillərin eşitmədiyi bir nəğməni tərənnüm edəcəyim. Bu nəğməni keçmişin yazıq oğulları oxumaq istədi, ancaq yapılmış sazların pərdələri buna kafi gəlmədi. Mənim nəğməm istirahət üçündür. Qəlb qəlbliyilə vurmasa mümkün deyil, bir vurub ikinciyə keçərkən arada bir nəfəs alır. Külək küləkliyilə ətrafı sarsıdıb keçdimi, havaya ani bir sükut çökmüş olur. Buludlar oynar, göylər gurlar, şimşəklər çaxar, yağmur yağar, sel olar. Sonra göylər əmin bir çöhrə kimi gülümsər. Dəniz şahin qanadlarını qaldırıb qayalara çarpar, tufan keçər, dalğalar susunca, həmən dəniz anasının qoynunda süd əmə-əmə uyuyan bir yavruya dönər. Bəs insan! Onun istirahəti? Yeddi saat iş... sonra klub... Fikir açan siyasi dərs... çalğı, oyun, rəqs!.. Ruhun tuğyanı! Budur mənim nəğməm! Mənim dəzgah yoldaşım bu saat istirahət evindədir. O indi güllü, sarmaşıqlı bir eyvanda, könlünün gözünə sükunət pəncərələri açılmış bir təbiət parçasını seyr etməkdə. Dimağına istirahət gülşəninin ətri saçılır. O, bəlkə də sərin kölgələr kimi bir ağac altına sərilmişdir; lakin günəşlə həmsayədir. O, sovet dövrünün rahat insanıdır. Sonra sazını aldı, tərənnümə başladı: Açılsın gönlümüz ilk bahar kimi, Yanaqlar qızarsın güllər içində. Axalım gülşənə irmaqlar kimi, Səsimiz gurlasın sellər içində. Yamandır insanın tez qocalması, Düşüb yol daşı tək yolda qalması, Erkən bir ürəyin vərəm alması Bir də görünməsin ellər içində. Ömür uzun olsun bizim diyarda, Kimsə kimsənədən qalmasın arda, İnsanların günü qışda, baharda Keçsin şirin-şirin dillər içində. Üçüncü. Gənc bir aşıqdı. Sazı vardı, sözü də... Ayağa qalxıb, xitab etdi:– Mənim nəğməmdən çoxları dəm vurmuşdur. Elmə həyat, cəhlə ölüm, ölümə varlıq, cəhlə yoxluq demişlər. Ancaq bu sözlər bir ovuc insan ağalarına məxsusdu. Biz, babaların nəsihətlərini hər kəsə dinlətməyə gəldik. Biz təhsilin, günəşin qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz da fərqsizdirlər. Biz mədəniyyətdən qorxub ona düşmən kəsilmədik. Elektrik sürətini buraxıb, maviliklərə sürdüyümüz motorların sükanından əl çəkib də, tənbəl karvan yollarına qayıtmaqmı olur?! Biz elmin həm içinə, həm qabığına malikiz, çünki quş bir qanadla uça bilməz. Qarşıda uca dağlar var. Mehriban dostları ayrı salan əngin dənizlər maviləşir. Qarşıda qara yerin sarsıntıları gözlənilir. Bu çətinlikləri həllə mədəniyyət gərək, mədəniyyət! Mədəni bir kütlənin boynuna minmək olmaz! – deyib saza söz verdi. Mehriban ellərim, dinləyin məni: Hələ bu diyarda çox işimiz var! Məhsul toplamağa, çiçək dərməyə Xəzanda, baharda çox işimiz var! Hələ bu yerləri sürəcəyik biz, Hələ gözəl günlər görəcəyik biz, Dalğalara köküs gərəcəyik biz, Çıxınca, kənarda çox işimiz var! Təbiət olmasın çox əngəl bizə, Buludlar, dalğalar versin əl bizə, Bizdə qonaqlıqdır, günəş, gəl bizə, Qaranlıq yollarda çox işimiz var! Dördüncü aşıq qalxdı. Məclisdə oturmuş öz arvadına üzünü tutub xitab etdi:– Sən anasan, sən qadınsan, sən bu insan sellərinin qaynağısan. Taxtın var, beşiyin var. Evin var, eşiyin var. Nə mələksən, nə pəri. Mən səni sevərək aldım, sən mənə sevərək gəldin. Sevişdik, güldük, ağladıq. Camalın gözlərimdə su kənarındakı bir çəmən kimi gülümsədi. Keçən iclasların birində bir qadın belə demişdi: «Ayaqlara toz, ağızlara söz olduğumuz günlər getdi. Ərlərlə hüququmuz var. Təlimdə birik, əyləncədə birik, cəbhədə də bir olacağıq! Bizə bu hüququ verən Oktyabra alqış! Bizim ərlərimizi, çocuqlarımızı, qızlarımızı səfalət çamurlarından çıxarıb sülhün, qardaşlığın büllur sularında yıxayan, onların qeydinə qalan, bəşər nəslinin uzanmasına – əbədiyyətinə qanun verən insanlar üçün ana qəlbimizin döyüntüləri milyon-milyon əllərdən qopan alqış səslərinə dönsün!». Sonra sazını köksünə sıxdı, baxalım nə dedi: Sən mənim cananım, şirin canımsan, Ətirli bağçamda bar səni gözlər! Elimsən, günümsən, mehribanımsan, Qızğın məclisimdə tar səni gözlər! Qarşında səfalı beşiyin sənin, Deyirsən: «Yat, çəkim keşiyin sənin!» Cənnətmidir evin-eşiyin sənin? Dövlət əlindədir, var səni gözlər! Yıxıqlar əlinlə gülüstan olur, Can cahana dönür, cahan can olur, Bütün qaranlıqlar çırağban olur, Ellərin şənliyi, yar, səni gözlər! Yeddilərdən beşincisi qalxdı. Məclisə qürurla baxıb dedi:– Nəğmələr içində mənim nəğməmin ayrı bir yeri var. Mən toxunulmaz hüququmun nəğməkarıyam. Bir fərd, bir cəmiyyət nə qədər yüksəlir səyüksəlsin, hüquqsuz yenə heçdir. Başı sərkili, üzü danlaqlı, qəlbi səksəkəli əməl yollarında yorğun düşən, əli istəyinə irişməyən əcdadımızın göylərdən asılı iradəsini acı-acı bir düşünəlim. Biz ümid qapılarını asanlıqla keçdik. Azad əməllərinə, azad əməyinə yetən bizim nəsil nə bəxtəvərdir! Təhəkkümün, zəncirin, təhqirin hüdudu bizim torpaqların sərhədinə gələndə bitər. Qarayammı, ağammı? Fərqində deyiləm. Qarlı bir dağam mən. Qaynar bir bulağam mən. Varlı budağam mən. Qoltuğa sığınmaq da bir şey deyil. Böyük bir palıdın həşəmətli budaqları altında bir çiçək fırtınalardan, boranlardan nə qədər qorunsa da, yenə günəşsizlikdən sarı, solğun qalır. Vay o fərdə ki, asılıdır! Vay o kütləyə ki, məhkumdur. Mən arzularımın hovuzu kənarında durub məqsədimin surətini dərin bir heyranlıqla müşahidə edirəm. Sonra sazını aldı, bir-iki ağız dedi: Mənim ixtiyarım öz əlimdədir, Ömrü çarpaşıqlı bir insanam mən! Könül otağının pəncərələri Güllü, sarmaşıqlı bir insanam mən! Gəldi yaz ayları, sayrıldı güllər, Başladı pərvaza tərlan könüllər, Dolaşdığı ellər, gəzdiyi çöllər Yarlı-yaraşıqlı bir insanam mən! Təzə əməllərim ilk bahar kimi, Ömrüm gəlib keçməz bir ruzgar kimi, Xəyalım göylərdə buludlar kimi, Yolları işıqlı bir insanam mən! Söz altıncı ərənə gəldi. Görək bu nə dedi: – «Çox bil, az danış». «Adamın dili öz başına bəladır!» – deyən əsir babaların bu nəsihətləri nə qədər acıdır! Mənim nəğməm sözü əsarətdən, məhkumluqdan çıxarıb azad etmək üçündür. O sözlər, vicdanlarda casus qulaqlarının şəkləndiyi dövrlərin məhsuludur. Nə mey şişədə, nə gül qönçədə, nə söz ürəkdə qalar. Bunu bir şair demişdir. Mey içilər, qönçə öz əsrarını rəngilə izhar edər. Söz də qanadlı bir quşdur. Yuvası təmiz bir ürək, açır bir yuva...yaşadığımız bu inqilab dünyası mərd oğulların dünyasıdır. Bu dünyada kütlələrə səadət müjdəsi verən hər söz azaddır. Sonra tərənnümə başladı: Mənim də sözlərim bir-bir yazılmış Sinə dəftərimin varaqlarında. Sənin qoxladığın ətir gizlidir Qızıl çiçəklərin yarpaqlarında. Gözəldir insanın öz azadlığı, Yüksəltdik hər yerdə biz azadlığı; Qələm azadlığı, söz azadlığı, Doğrulmuşdur sovet torpaqlarında. Hər irmaq çağlasın bir könül kimi, Hər ürək açılsın qızılgül kimi, Hər şair oxusun bir bülbül kimi Azad fikirlərin budaqlarında. Ən son, qoca aşıq meydana atıldı. Çöhrəsində narın təbəssümlər bəlirdi.Üzünü məclisə və şagirdlərinə tutub dedi ki:– Hamınızın sözü doğru! Hamınız haqlısınız. Əmək, təhsil, istirahət, ana, çocuq, azad söz... Bunları kim istəməz? Ancaq kədərlə səfa, faşizmlə sosializm kimi iki zidd parçaya bölünmüş dünyada bir əmniyyət varsa, o da tərənnüm etdiklərimizi qorumaqdır. Sosializm ölkəsinin sosialist əsaslarına əməl etmək – sərhədləri bərkitməkdədir. Havalar getdikcə qarışır, göylər bir-birinə dəyəcək... dolu yağacaq. Müdafiə... ilk və son borcumuzdur! Bu olmasa, əməyimiz heçə gedər, təhsilimiz yarımçıq qalar, istirahətimiz pozular, anaların laylası ağıya dönər, qara ölüm üstümüzə qanad gərər. Bundan sonra nə azad söz, nə hüquq! Biz sərhədlərdə sıralanıb dilbər vətənimizi vüsal qucağına polad bir hasar kimi almalıyıq. Sonra tavar sazını döşünə sıxdı, baxaq nə dedi: Hərb olursa, külək kimi Qalxar bizim qəhrəmanlar! Qaranlıqda şimşək kimi Çaxar bizim qəhrəmanlar! Sərhədində sayıq durar, Bir möhtəşəm qurğu qurar, Çətinlikdən həmən vurar, Çıxar bizim qəhrəmanlar! Hər birimiz bir qasırğa, Dağılmışıq ortalığa, Hər dərədən dalğa-dalğa Axar bizim qəhrəmanlar! Aşıqlar sözlərini bitirdilər. O günkü şənlik qiyamət keçdi. Hamı onlardan məmnun qaldı. Sazlarını qollarına vurub Azərbaycanın başqa dağlarına çəkildilər. * * * Zəfər səsləri Gediriz, Gediriz, gediriz, Getməyir, uçuruz, uçuruz... Uçmayır, bir şimşək olub da çaxırız. Axırız-axırız. Keçmişin üzünə şillələr vuraraq axırız, Elliklə yarını quraraq axırız. * * * Zəfərdən Zəfərə Beşillik planı Iki il yarımda yerinə yetirdik. Deməli, bitirdik. Işlərin qalanı Daha çox, Bir talçok Gərəkdir verilən işləri Aparsın iləri, Aparsın iləri gələcək beşillik zəfəri Hər şura nəfəri. Cavab ver, Abşeron! Qəlbində neçə ton Bu axan Yeni qan Çağlamış fışqıra-fışqıra, qışqıra-qışqıra?! Yox, gərək Bir çərək Qalmasın boş yerin! Yoldaşlar, göstərin Torpağın altında, Torpağın ən məchul qatında Gizlənən o xəsis qaynağı! Toxunsun ona bir mühəndis caynağı Arasın zərbəçi mühəndis Bizimçin yeraltı bir dəniz... Arayır, aramış, Bir qarış Yer belə qaçmamış gözündən, Dönməmiş sözündən. Verdiyi ilqarı yetirmiş yerinə, Baxınız, qaç yeni buruğun seyrinə Daldırmış bizləri... O, yüksək rəqəmə qaldırmış bizləri!.. * * * Zəhra üçün İləri qoş, illəri, Ey mənim gözəl qızım. Qalma həyatdan geri, Oxu mükəmməl, qızım. Uca dağlardan atlan, Hər çətinliyə qatlan, Bir quş kimi qanatlan, Göylərə yüksəl, qızım! Mehriban ol insana, Bir yuxarı baxsana, Göydən günəş, ay sana, Eyləyir "gəl, gəl", qızım. * * * Ziyançı Kimdir o, ziyançı mühəndis? Çökmə diz Yalandan önümdə! Bugünkü döyüşkən günümdə Tanıram səni mən işindən. Bilirəm nə varsa canında. KPU-nun gözündən uzaqda deyilsin, Qoy başın əyilsin Firqəçi işçimin yanında! * * * Kitabxana.az · https://kitabxana.az/authors/musfiq İctimai mülkiyyət (müəllifin vəfat ili: 1938). Public domain (author died 1938). Original text only.