Nəriman Nərimanov. Əsərləri Nəriman Nərimanov (1870–1925) == Nadir şah == Nadir şah ƏHLİ-MƏCLİS Şah Sultan Huseyn xan-- 1717-ci ildə fars padşahı, padşahlığa layiq olmayan bir zat, 60 yaşında. Ə d h ə m-- onun müqərrib vəzirlərindən. Ş a h T ə h m a s-- Hüseyn xanın oğlu, 25-35 yaşında. C ə f ə r x a n, M ə h ə m m ə d x a n -- vəzirlər. R z a x a n, G ü r c ü b ə y --sərkərdə. N a d i r-- 30-47 yaşında. G ü l c a h a n-- Nadirin övrəti. R z a q u l u-- onun oğlu, 15-20 yaşında. C a v a d-- Nadirin dayısı, 70 yaşında. Ə v v ə l i n c i y o l ç u-- 70 yaşında. İ k i n c i y o l ç u-- 50 yaşında. Y a r a q l ı q a ç a q l a r v ə k ə n d a d a m l a r ı. M i r z ə M e h d i x a n-- 40 yaşında, Nadirin müqərrəblərindən. E l ç i S e y i d S ə t a n-- türkmən paltarında. H e y d ə r x a n-- 40 yaşında, Şah Təhmasibin müqərrəb vəzirlərindən. S a l e h b ə y, M u s a b ə y, Ə l i Ə ş r ə f b ə y, F ə r r a ş-- Nadiri öldürən xanlar. * * * Birinci məclis *Vaqe olur İsfahan şəhərində 1717-ci ildə, Şah Hüseyn xanın otağı, qapıda iki fərraş, xanın taxtı. Ə d h ə m x a n. Tamam üç saatdır gözləyirəm, bu vaxtadək hələ cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilə oynuyur. Amma dövlətin işləri getdikcə çətinləşir, nə etməli? (Fikrə gedir. Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.)* ƏVVƏLİNCİ GƏLİŞ Şah Hüseyn xan və Ədhəm xan. Ş a h H ü s e y n x a n (taxtında əyləşib). Xeyir ola, Ədhəm? Ə d h ə m x a n. Xeyirdir, qibleyi-aləm! Ş a h H ü s e y n x a n. Bəs nə əcəb belə tezdən gəlibsən? Ə d h ə m x a n. Qibleyi-aləm sağ olsun! Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, kürdlər dövlətin üzünə ağ olub Cavad xanı və fərraşları öldürüblər.... Ş a h H ü s e y n x a n. Cavad xanı? (Fikrə gedir.) Cavad xan gərəkdir çoxdan öləydi; çünki onun zərərdən savayı dövlətə heç bir xeyri yox idi, tövcünü vaxtında yığa bilmirdi və yığanda da min dava ilə. Ə d h ə m x a n. Qibleyi-aləm! Tövcü vaxtında yığılsa da, yığılmasa da dövlətin halına bir o qədər təfavüt etmir. Ş a h H ü s e y n x a n. Necə ki, etmir? Ə d h ə m x a n. Mahalların xanları xəzinəyə ancaq cüzi bir şey verib, qalanını özləri sərf edirlər. Ş a h H ü s e y n x a n. Düşünmürəm, necə özlərinə sərf edirlər? Ə d h ə m x a n. Qibleyi-aləm! Qədimdən qayda bu üzrə olubdur: xanlar dövlətdən mahalları icarə edib tövcünü özlərinə sərf edirlər, ancaq dövlətə bir cüzi icarə pulu verirlər. Ş a h H ü s e y n x a n (fikrə gedir). Bəs belə.... İndi nə etməli? Ə d h ə m x a n. Mən özüm də bilmirəm. Ş a h H ü s e y n x a n. Ədhəm! İbtidadan mənim əvvəlinci vəzirim olub, padşahlığın hər ixtiyarını sənə mühəvvəl etmişəm. İndi necə ki, məsləhət görürsən, elə də edərsən. (Durur getməyə.) Ə d h ə m x a n. Qibleyi-aləm! Doğrudur, dövlətin hər ixtiyarı bu vaxtadək mənim əlimdə olubdur, amma doğrusu, bu halda tək bacarmaq mümkün deyil. Ş a h H ü s e y n x a n. Burada nə bir çətin iş vardır? Kürdlər nə millətdir ki, bizim dövlətə zərər yetirə? Beş yüz sərbaz göndərsək hamısını qolları bağlı gətirərlər. Ə d h ə m x a n. Qibleyi-aləm, bu işin çətinliyi ... m ... m.... Ş a h H ü s e y n x a n (qoymur sözünü qurtarsın). Yaxşı, göndər məsləhət üçün qalan vəzirlər də gəlsinlər. (Gedir). Ə d h ə m x a n (Hüseyn xanı qapıyadək ötürür və ondan sonra qapıda duran fərraşa deyir). Get, bu saat Cəfər xanı, Rza xanı və Məhəmməd xanı dəvət et qibleyi-aləmin hüzuruna. F ə r r a ş. Bəçeşm! Ə d h ə m x a n (tək). Fikrim dağınıqdır. (Başını əli ilə tutur.) Hərçi fikir edirəm, bir şey çıxmır. Deyirəm, kürdlər dövlətin üzünə ağ olublar, deyir, zərər yoxdur, beş yüz sərbaz göndər hamısını qolları bağlı gətirsinlər. Bəh! Bəh! Kürd tayfasından xəbəri yoxdur. Beş yüz yox ki, min qoşun da göndərsəm, onların öhdəsindən gələ bilməzlər. Bundan savayı, beş yüz sərbazı haradan cəm edim? Bu saat hazırda heç iki yüz də yoxdur. (Fikrə gedir.) Hələ qeyri işlərdən xəbəri yoxdur. Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, özbəklər və əfqan davaya hazırlaşırlar. Bu xəbərləri məndən savayı heç kəs bilməyir və demək də olmaz. (Fikrə gedir.) İKİNCİ GƏLİŞ Gürcü bəy və Ədhəm. G ü r c ü b ə y (tez içəri daxil olur). Ədhəm xan, doğrudurmu, deyirlər Badikubə, Şirvan, Şəki, Dərbənd ləzgilərə tabe olublar? Ə d h ə m x a n (yavuğa gedib). Sus! Sən haradan bildin? G ü r c ü b ə y. Kağız almışam. Ə d h ə m x a n. Yalandır, inanma. Belə şey ola bilməz. G ü r c ü b ə y (kağızı çıxardıb verir). Hərgah inanmayırsınız, buyurun, bu kağız. Ə d h ə m x a n (kağızı oxuyub cırır). Bu xəbərin doğru olmağını, əlbəttə, təhqiq etmək lazım gəlir.... Ol səbəbə hal-hazırda bu barədə kimsəyə söyləməmək məsləhətdir. (Gürcü bəyə diqqətlə baxır.) G ü r c ü b ə y. Ədhəm xan! (Acıqlı.) Doğrudur, qulluğum sizə tabe olmağı tələb edir, fəqət dövlətə xəyanət edə bilmərəm.Xudahafiz! (Tez çıxır.) Ə d h ə m x a n (fikrə gedib). Bu yaxşı işə oxşamayır. Gürcü bəy bu xəbəri padşaha yetirə bilməyəcəkdir və yetirsə də, şah məni qoyub onun sözünə inanmayacaqdır. Amma.... Amma qorxum burdadır ki, Təhmas Mirzəyə bu xəbəri söylər, çünki onunla çox dostdur. Ah.... Təhmas olmasaydı, indi padşahlığı almışdım ələ.... (Bir az fikirdən sonra.) Xeyr, bu fikirlər hələ qalsın.... Yaxşı ... m ... m.... Ləzgilərin hərəkətləri mənə məlum idi, amma.... (Fikirdə ikən yavaş-yavaş əyləşir.) ÜÇÜNCÜ GƏLİŞ Təhmas, Ədhəm. T ə h m a s. Ədhəm xan! Nə olubdur? Fikrə gedibsiniz? Ə d h ə m x a n (birdən ayağa durur). Heç. Qibleyi-aləmi gözlüyürdüm. T ə h m a s (tərəfə). Qibleyi-aləmi gözlüyür! (Rişxənd). İşiniz çoxmu vacibdir? Ə d h ə m x a n. Xeyr, qibleyi-aləm xahiş edibdir ki, bu gün dövlətin işlərinə dair məsləhət olunsun. T ə h m a s. Dövlətin işləri!.... Dövlətin nə işi olacaqdır? Dövlətdən məyər bir şey qalıbdırmı ki, məsləhət də olunsun? Ə d h ə m x a n. Allaha şükür, nə olubdur ki? T ə h m a s. Ax, Ədhəm xan! Nə deyim.... Bağışlayın, bu vaxtadək atamın sizə olan məhəbbəti məni də vadar edirdi ki, sizə lazım olan hörməti edim, hərçənd mənim yəqinimdir ki, atamdan sonra dövlət mənim ixtiyarıma keçəcəkdir, bununla belə bu vaxtadək dövlətin işlərinə qarışmırdım və bu barədə sizinlə sual-cavabım olmuyubdur.... Fəqət indi bir neçə əhvalatlar məni vadar edir sizdən sual edəm.... Dövlətin abad olmağından ötəri nə edibsiniz? İşlər nə yerdədir? Ə d h ə m x a n. Vəliəhd sağ olsun! Mən ömrümü babanızın qulluğunda sərf etmişəm, necə ola bilər ki, bir şey etməyim.... Hər iş öz qaydası ilə gedir. Günbəgün vətənimiz və millətimiz tərəqqidə.... T ə h m a s. Bəli, görünür, işlərdən baxəbərsiniz.... Ə d h ə m x a n. Necə ola bilər ki, mənim xəbərim olmasın. T ə h m a s. Kürdlərin əməli sizə məlumdurmu? Ə d h ə m x a n. Bəli! T ə h m a s. Bəs bəlanı rəf etmək üçün fikriniz nədir? Ə d h ə m x a n. Bu gün məsləhət haman məsələ barəsindədir. T ə h m a s. Bu iş iki aydır cəmi İrana məlumdur, siz ancaq indi məsləhət edirsiniz.... (Başını bulayır.) Kürdlər dövlətin üzünə ağ olublar, özləri üçün müstəqil hakim tikiblər. Amma siz indi məsləhətə yığılırsınız! Təəccüb edirəm. Ə d h ə m x a n. Nə üçün təəccüb edirsiniz? Allaha şükür, nə olubdur? Bir gün ərzində beş yüz qoşun ilə onları sakit etmək mümkündür. T ə h m a s. Ah! Ah! Ah! (Gülür.) Beş yüz qoşun! Bunları hardan yığacaqsınız? Və tutalım yığdınız, beş yüz adam vəhşi kürdlərə nə edə biləcəkdir? Bu qalsın, bəs ləzgilərə çarəniz nədir? Ə d h ə m x a n. Ləzgilər! Ləzgilər çoxdan xamuş olublar. Onların tərəfindən bizim üçün qorxu yoxdur. T ə h m a s. Bəs görükür, təzə xəbəri eşitməyibsiniz? Ə d h ə m x a n (tərəfə). Görükür, Gürcü bəy hamısını deyibdir. Və.... Bəli, deyirlər guya ləzgilər davaya hazırlaşırlar. Fəqət belə sözlərin əsli yoxdur, zənn edirəm. T ə h m a s. İş işdən keçibdir, siz indi deyirsiniz əsli yoxdur.... İranın gözəl yerləri: Badikubə, Şirvan, Şəki mahalları hamısı ləzgilərə tabe olubdur!.... Bunlar heç, bəs Əfqan?.... Ə d h ə m x a n. Əfqan? T ə h m a s (gülə-gülə). Bəli, Əfqan! Ah Ədhəm xan, ya görünür yatıbsınız, işlərdən xəbəriniz yoxdur, yainki bilib gizlədirsiniz.... (Yavuğa gedir.) Sizə yəqin olsun ki, vətənimiz bu yavuqda əldən gedəcəkdir və mənim sizinlə bu tövr açıq və cürətlə danışmağımın səbəbi budur ki, mən burada qalıb özümü bədbəxt etmək istəmirəm.... Hamı günah sizdə olmağını yəqin etmişəm. Vaxtında tədarükdə olsaydınız, vaxtında bu xəbərlər doğru olmağını təhqiq etsəydiniz, bu halətdə bulunmazdıq. İndi.... İndi bəla hər tərəfdən gəlir.... Ə d h ə m x a n (başını aşağı salıb). Mən nə ki lazımdır.... Mən .... Mən.... T ə h m a s (gulə-gülə). "Mən", "mən", eh! (Əli ilə.) Sizinlə danışmağın indi vaxtı deyil.... Vətən və millət qabağında üzüqara olanın vay halına! Xudahafiz. (Çıxır.) Ə d h ə m x a n (başı aşağı dayanıb fikrə gedir). Bu yaxşı işə bənzəməyir. Mənə deyir ki, sizinlə danışmağın indi vaxtı deyil, yəni taxta çıxandan sonra danışacaqdır.... Bunun atası Hüseyn şah da əvvəl taxta əyləşəndə dövlətin işlərinə diqqət edirdi, amma indi.... Xeyr, bu sözdür. Sən də vaxtında yumşalarsan, tələsmə.... DÖRDÜNCÜ GƏLİŞ Şah Hüseyn xan və Ədhəm xan. Şah Hüseyn xan içəri daxil olub taxta əyləşir. Bir qul qəlyan gətirir. Ş a h H ü s e y n x a n. Ədhəm! Vəzirlər hələ gəlməyiblər? Ə d h ə m x a n. Xeyr, qibleyi-aləm! Ş a h H üs e y n x a n (bir az fikirdən sonra). Gürcü bəyə də adam göndərmək gərək. Çünki Gürcü bəy eşidirəm, can və dil ilə qulluq edir. Bu barədə onun təsəvvürünü də bilmək lazımdır, zənn edirəm. Ə d h ə m x a n (rişxənd). Layiq deyil ki, Gürcü bəy qibleyi-aləmin məclisində əyləşib dövlət barəsində öz təsəvvürünü danışsın. Bundan əlavə, Gürcü bəy çox hünərli və şücaətli olmuş olsa da genə xaçpərəstdir. Belə bir adamın müsəlman dövlətinə təmiz ürəklə qulluq etməyinə şəkkim var. Və dövlətin bir para pünhan işlərini hər adama demək olmaz. Ş a h H ü s e y n x a n (bir az fikirdən sonra). Gürcü bəy bu vaxtadək dövlətə xəyanət etməyibdir və bir də onu çağırmaqdan əsil məqsədim budur ki, kürdlərin müqabilinə göndərəm. (Fikir.) Ə d h ə m x a n. Qibleyi-aləm! Kürdlər.... Ş a h H ü s e y n x a n (hirsli). Yaxşı! Adam göndər çağırsınlar. (Başını əli ilə tutub fikrə gedir.) Ə d h ə m x a n. Baş üstə! (Tərəfə.) Bu yaxşı işə bənzəməyir.... (Gedib qapıda duran fərraşa yavaşdan deyir ki, Gürcü bəyi çağırsın.). Ş a h H ü s e y n x a n (əli ilə ürəyini tutur). Ürəyim bu gün çox döyünür. Oh! Oh! Ə d h ə m x a n. Qibleyi-aləm! Vəzirlər gəliblər. Ş a h H ü s e y n x a n. Gəliblər? Yaxşı, de gəlsinlər. BEŞİNCİ GƏLİŞ Cəfər xan, Rza xan və Məhəmməd xan daxil olub hamısı təzim ilə salam edirlər. Ş a h H ü s e y n x a n. Həzərat, əyləşin. Ədhəmin deməyinə görə xəbər gəlibdir ki, kürdlər guya dövlətin üzünə ağ olublar. (Gürcu bəy içəri daxil olub qapının ağzında durur və Hüseyn xan onu görüb.) Gürcü bəy, əyləş. İşdən belə məlum olur ki, kürdlər bu yavuq vaxtdan baş qaldırıblar. Ona görə ümid edirəm ki, beş yüz sərbaz göndərsəm, onların öhdələrindən gələrlər. C ə f ə r x a n. Əlbəttə! R z a x a n. Hələ o da çoxdur. M ə h ə m m ə d x a n. Mümkündürmü beş yüz sərbazı bu yaxın zamanda cəm etmək? Ş a h H ü s e y n x a n. Bu iş mühəvvəl olunur Ədhəmə. Ə d h ə m x a n. Qibleyi-aləm! Cəm etmək asandır! C ə f ə r x a n. Beş yüz yox ki, min də yığmaq olar. R z a x a n. Əlbəttə! M ə h ə m m ə d x a n. Bunlara gərəkdir yaraq-əsbab tapıla. Mümkündürmü bu tezlikdə? Ş a h H ü s e y n x a n. Elan etmək gərək ki, hər kəsin evində nə yaraq-əsbab olsa götürsünlər və qoşunun sərkərdəliyini Ədhəmə mühəvvəl edirəm. Gürcü bəyi də özünlə götürərsən. (Gürcü bəyə tərəf.) Bu barədə sənin fikrin nədir? G ü r c ü b ə y (ayağa durur). Qibleyi-aləm! Mən həmişə vətənə və dövlətə qulluq etməyə hazıram. Qibleyi-aləmə məlumdur ki, kərratla düşmənlərin qabağına getmişəm və həməvaxt vətənə olan qeyrət və məhəbbətimi göstərmişəm. Hərçənd dörd ay bundan müqəddəm mənim barəmdə vəzirlərin biri bədgüman olub qibleyi-aləmə məni pis qələmə vermişdi. Amma əfqanların məğlub olmaqları və xanlarını əsir etdiyim sizə məlumdur. Ümid edirəm ki, mənim qibleyi-aləmə və vətənə ixlasi-qəlblə qulluq etməyimdə şübhə qalmadı. Əzbəs ki, məhəbbətim vətənə nəhayətdə çoxdur. Ona görə özümə borc bilibqibleyi-aləmdən izin olsa, öz təsəvvürümü bəyan edərəm. Ş a h H ü s e y n x a n. Söylə, qulaq asıram. (Hamı Gürcü bəyə baxır, Ədhəm xan yerə baxır.) G ü r c ü b ə y. Bu gün qibleyi-aləmin hüzuruna yığılmaqdan məqsud, vətənimizi bəladan xilas etməkdir, zənn edirəm. Bəlanı rəf etməkdən müqəddəm lazım gəlir ki, əvvəl bəlanın gücünü özümüz üçün bəyan edək, görək necə bəladır? Kürdlər Cavad xanı iki ay bundan müqəddəm öldürüb dövlətin üzünə ağ olublar.... Ş a h H ü s e y n x a n. İki ay? G ü r c ü bəy. Bəli, qibleyi-aləm! İki ay! Ş a h H ü s e y n x a n (Ədhəmə). Bəs sən deyirdin bir-iki gün bundan müqəddəm? Ə d h ə m x a n (dili tutulur). Gərək ki, iki ay.... Ş a h H ü s e y n x a n. Hə ... hə ... hə.... (Acıqlı Gürcü bəyə.) Söylə görüm. G ü r c ü b ə y. Bəli, qibleyi-aləm, iki ay.... Məlumdur ki, kürdlər çox qoçaq, vəhşi tayfadır. Bu iki ayın ərzində kim bilir nələr ediblər? Bunların müqabilinə beş yüz, ya beş min və ya on min adamla getmək olarmı? Mən davadan qorxmuram, ancaq gərəkdir düşmənin müqabilinə gedəndə hər bir müşkülatı nəzərə gətirək. Mən istəyirəm bilim: Ədhəm xan nə üçün iki ay bundan müqəddəm eşidilən xəbərlərə inanmayıb hazırlaşmırdı. Ş a h H ü s e y n x a n (acıqlı Ədhəmə). Cavab ver! Ə d h ə m x a n (ayağa durur). Qibleyi-aləm! İnsan gərəkdir səbirlə iş görə, xüsusən dövlət işlərində. Bu vaxtadək xəbər doğru olmağını istəyirdim təhqiq edim.... G ü r c ü b ə y. Qibleyi-aləm! Bu sözlərdə bir cüzi sədaqətlik olsaydı, mən söyləməzdim, amma.... Ş a h H ü s e y n x a n. Nə üçün fikrə getdin? G ü r c ü b ə y. Qibleyi-aləm, məni bağışlayın, ürəyimdə hər nə var demək istəyirəm. H a m ı. Söylə! Söylə! G ü r c ü b ə y. Doğru, mən xaçpərəstəm, bununla belə insafım mənə buyurur, məni vadar edir ki, vətənə dair fikirlərimi açıq-açığına söyləyim. Doğrusu, vəliəhdə olan məhəbbətim və onun gələcəyi məni vadar edir deyim: vətənin, dövlətin düşməni Ədhəmdir. Bu gün hənuz burada, qibleyi-aləmin təşrifindən müqəddəm gəlib ona Qafqazdan aldığım məktubun məzmununu oxuyuram, bu məktubda yazılıbdır: Badikubə, Şirvan, Şəki və Dərbənd ləzgilərə tabe olublar.... Ş a h H ü s e y n x a n (acıqlı yerindən durur). Necə? Nə deyirsən? Bu.... Bu.... Bu.... G ü r c ü b ə y. Bəli, qibleyi-aləm! Bu mahalları ləzgilər özlərinə tabe ediblər. Və bir xəbərə görə qaçaq Nadir istəyir gedib orada müstəqil hakim olsun. R z a x a n. Qəribə işdir! Az düşmən var idi, Nadir də bir tərəfdən. C ə f ə r x a n. Bu vaxtadək xəbərimiz yoxdur! M ə h ə m m ə d x a n. Nədən xəbərimiz var ki, ondan da olsun. G ü r c ü b ə y. Qəribə odur ki, bu xəbərləri Ədhəm xana dedikdə mənə buyurdu: "Bu xəbərləri heç kəs bilməsin". Ş a h H ü s e y n x a n (hirsli yerindən durur). Ədhəm! Ədhəm! (Hamı ayağa durur, Şah Hüseyn xan taxta yıxılarkən vəzirlər gedib tuturlar.) PƏRDƏ * * * İkinci məclis Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban. ƏVVƏLİNCİ GƏLİŞ İki yolçu. Ə v v ə l i n c i y o l ç u. Qoçalıq yaman şeydir, ay balam! Bir az yol gedəndə ayaqlarında tab qalmayır. Əyləş, bir az yornuğumuzu alaq. Çox yaxşı oldu ki, səninlə rast gəldim, yoxsa bu uzun yolu şəhərədək yalqız gedəcəydim. Ah! Ah! İ k i n c i y o l ç u. Əmi! Nə ah-vay edirsən? Ə v v ə l i n c i y o l ç u. Necə etməyim, ay balam. Yetmiş sinnim var bu vaxtadək belə zəhmətlər çəkməmişdim ki, indi çəkirəm. Dolanacaq çox çətin olubdur. Evimdə yeddi baş külfət, pul yox, taxıl yox. İndi bu vaxtımda gedirəm şəhərə, bəlkə hammallıq edib bir az çörək pulu qazanam. İ k i n ç i y o l ç u. Məgər taxıl bitməyirmi? Yeriniz yaxşı deyilmi? Ə v v ə l i n c i y o l ç u. Ay balam, qoyurlarmı taxıl əkəsən? Quldur Nadir hər yerə ki düşür, oranı viran edir. Bir yandan da əfqanlar buraları alandan sonra xalqa göz verirlər, işıq vermirlər.... Xülasə, işlər çox yamandır, oğlum. İ k i n c i y o l ç u. Əmi, mən iki aydır gəlmişəm, amma Nadirin barəsində elə şeylər eşidirəm ki, heç ağlasığası deyil. Ə v v ə l i n c i y o l ç u. Sən hardan gəlibsən? Haralısan, balam? İ k i n c i y o l ç u. Mənim əslim xorasanlıdır. Düz indi on ildir vətənimdən dərbədər düşmüşəm. Özbəklər Xorasanı alandan sonra zindəganlıq çox çətin oldu, hətta elə oldu ki, yeməyə çörək də tapılmadı. İki uşağımı, övrətimi və qoca anamı Xorasanda qoyub düşdüm şəhərbəşəhər, kəndbəkənd ki, çörək pulu qazanam. Axır getdim çıxdım İrəvana. O vaxt İrəvan osmanlının əlində idi. Bir az rahatlığa düşdüm. Başladım işləməyə, hər nə iş oldu yapışdım. Bir neçə ilin ərzində on tümən düzəldib, Xorasana gedən vardı, onunla göndərdim ki, külfətimə versin. Əzqəza, yolda məşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları əlindən alır. İndi gedirəm vətənə uşaqlarımısa da tapam. Amma heç ümidim yoxdur. Ah! Ah! Allah bu quldurların evini yıxsın! Ə v v ə l i n c i y o l ç u. Ah ... quldurları heç demə, heyvan qismi bir şeydirlər. Onlarda nə insaf var, nə mürvət. Nə allahdan qorxurlar və nə padşahdan. Əllərinə adam düşəndə ya öldürürlər, ya soyurlar. Amma allaha qurban olum, özləri də axırda cəzalarına çatırlar. İmamquluverdi çox evlər yıxdı, çox ananı balasız və çox balanı anasız qoydu, amma axırda özü də cəzasına çatdı. İ k i n c i y o l ç u. Necə? Ə v v ə l i n c i y o l ç u. Necə olacaqdır? Axırda onu bir gülləyə qurban etdilər.... İ k i n c i y o l ç u. Allaha şükür! Allaha şükür! Ə v v ə l i n c i y o l ç u. Əlbəttə, allaha şükür, amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerində oğlu Nadiri qoydu. Ondan da bettər, ondan da zalım. Genə İmamquluverdi axır vaxt bir az adamlara rəhm edirdi, amma bu evi yıxılmışda heç bir zərrə qədər rəhm yoxdur. Hansı kəndə düşsə, oranı alt-üst edib, viran edir. İ k i n c i y o l ç u. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır? Ə v v ə l i n c i y o l ç u. Bəli, haman o zalımdır. İ k i n c i y o l ç u. Təəccübdür! Ə v v ə l i n c i y o l ç u. Nə üçün təəccüb edirsən, ay balam! Hər şey tərbiyə ilədir. İnsana necə tərbiyə verərsən, elə də olar. Düz on beş yaşından Nadir atası ilə quldurluğa gedibdir. Və ondan qabaq atası və yoldaşları, Nadir uşaqkən o qədər quldurluqdan, adam öldürməkdən danışıblar ki, uşağın qulağı dolubdur, əvvəlinci dəfə quldurluğa çıxanda cürbəcürə qoçaqlıq, hünərlər göstəribdir. Bu tövr tərbiyənin axırı nə olacaqdır? Genə bundan əvvəl Hüseyn xan hərdənbir dalıca qoşun göndərib tutdurmaq istəyirdi. Amma indi bir aydır əfqanlar Hüseyn xanı əsir ediblər, Nadir də azadə gəzir, bir adam da cürət etmir ki, bir söz desin. İndi halımız olub dəxi də çətin: bir yandan əfqanların zülmü, bir yandan Nadirin. O evi də ki, görürsən (əlini uzadıb) Nadirin evidir. İ k i n c i y o l ç u (qorxub yerindən tez durur). Allahı sevirsən, əmi, dur burdan gedək. Çıxıb bizi burada görər, dərimizə saman təpər. Ə v v ə l i n c i y o l ç u. Qorxma, oğlum. Biləm ki, Nadir buradadır, nə bu yol ilə gedərəm, nə burada oturaram. İ k i n c i y o l ç u. Bəs haradadır? Ə v v ə l i n c i y o l ç u. Gedibdir özbəklərdən anasının qanını almağa. Özbəklərlə dava edən vaxt qoca anasını çox əzabla öldürüblər. İndi gedibdir ki, anasının intiqamını alsın. İ k i n c i y o l ç u. Bəs indi evində heç kəs yoxdurmu? Ə v v ə l i n c i y o l ç u. Evdə övrəti və oğlu. Belə bilmə də bunlar yalqızdılar. Evinin hər küncündən on quldur çıxar. (Əsnəyir.) Ay.... Dur gedək, oğlum, yoxsa yatıb qalarıq.(Gedirlər). (Nadirin övrəti Gülcahan yavaş-yavaş qapını açıb pilləkəndən düşür və ətrafa baxa-baxa.) İKİNCİ GƏLİŞ G ü l c ah a n (yola baxıb). Yolunu gözləməkdən gözlərimin kökü saraldı. Kim bilir, başına nə iş gəldi. Bu vaxtadək gərək gələydi. Görükür bir bədbəxtlik üz veribdir. Su qabı suda sınar. Mənim yəqinimdir ki, axırda bir kələyə qurban olub bizi qoyacaq sahibsiz. Ondan sonra di gəl, döz xalqın zülmünə. Hamının da haqqı var bunun zülmlərinin əvəzinə bizə zülm etsin. Pərvərdigara, Birabil xanın qızı gör nələr çəkir. Mən yurdu itmiş, bədbəxt buna aşiq olub qoşuldum qaçdım. Nə bilirdim ki, aylar, illərlə üzünə həsrət qalacağam. Kərratla demişəm: Nadir, mənə yazığın gəlsin, mənə yazığın gəlmir, oğluna gəlsin. Hər deyəndə mənə cavab verir: sənin borcun deyil. Mən başıma nə kül töküm? (Ağlayır.) Pərvərdigara! Nə vaxtadək gecə-gündüz qorxudan yatmayacağam? Nə vaxtadək gözlərim yollarda qalacaqdır? (Ağlayır, əli ilə başını tutur. Uzaqdan şeypur səsi gəlir. Gülcahan qulaq asır və gedib yola baxır.) Hə ... yavaş..... (Fikirdə.) Gəlir.... Gəlirlər. (Şeypurun səsi yaxınlaşır.) Hə ... gəlirlər. (Baxır.) Allah sənə şükür olsun! Özüdür, hə....Nadirdir.... (Tez evə gedib qapını örtür. Quldurlar gəlib iki tərəfdən düzülürlər. Nadir gələndə baş əyirlər.) ÜÇÜNCÜ GƏLİŞ N a d i r. Həzərat! Çox razıyam ki, aslan kimi dava etdiniz. Özbəklər indi zərbi-dəstimi gördülər. Hər nə ki mal qarət edibsiniz öz aranızda bölüşün. İndi gedib rahat ola bilərsiniz. (Hamısı baş əyib çıxırlar. Nadir evinə tərəf baxıb fikrə gedir.) Bir ay bundan müqəddəm hənuz bu yerdə qoca anam mənim qarşıma gəlib "igid balam, aslan balam" deyib məni qucaqladı, şadlığından ağladı. İndi.... İndi.... Of! (Başını əli ilə tutur.) İndi ... hərgah öz əcəli ilə ölsəydi, o qədər məni yandırmazdı. Biinsaf tayfa, qoca övrəti yaman bir halətə salıb öldürdülər. (Hirsli). Of.... (Fikrə.) Hərçənd özbəklərdən bir anamın əvəzində min analar-atalar, min uşaqlar qanı tökdüm, lakin genə ürəyim sakit olmuyubdur. Bu tayfanın qanını içməyə hazıram. (Fikrə gedib oturur və başını əli ilə tutur.) DÖRDÜNCÜ GƏLİŞ G ü l c a h a n (qapını açıb yavaş-yavaş gəlir. Nadiri b u halda görüb təəccüb edir və tərəfə deyir). Pərvərdigara! Görəsən, genə nə üz veribdir? (Yavuq gedir). Nadir! Mən səni evdə gözlüyürdüm, nə üçün gəlmirsən? Yorulubsanmı? (Nadir başını qaldırıb baxır və ayağa durub Gülcahanın əlindən tutur.) N a d i r. Gülcahan! Hərgah bir il gecə-gündüz özbəklərlə dava etsəm, genə yorulmaram. Onlar mənim ürəyimə yaman bir dağ çəkiblər, hər bir şeyi unutmuşam. G ü l c a h a n. Əlbəttə, məni də? N a d i r. Görünür. G ü l c a h a n. Bəs elə məni bundan ötəri atamın yurdundan dərbədər saldın? Mən sənə nə eləmişəm? Nə üçün məni bu qədər incidirsən? Gözümün işığı, dərdimin dərmanı bir Rzaqulu idi, onu da özünlə aparmaq istəyirsən. Sən gedəndən sonra qulağımı dəng edibdir: gah tüfəng fikrinə düşür, gah qılınc hazır edir, gah tapanca. N a d i r. Sən nə danışırsan, övrət? Oğul gərək atasına oxşasın, hərgah Rzaquluda məndə olan hünər olmasa, ona mən oğul deyərəm? Çox əcəb edir ki, indidən tədarükünü görür. Mən atamın yerini tutan kimi o da gərəkdir mənim yerimi tutsun. G ü l c a h a n. Bəli, mən də ömrümün axırınadək rahatlıq bilməyim. (Ağlayır.) N a d i r. Bəsdir. (Acıqlı.) Dur get! (Gülcahan ağlaya-ağlaya gedir.) Mənim dərdimdən xəbəri yoxdur. İstəyir göz yaşını səhərdən axşamadək tök! Ancaq mən bu peşəmi əldən buraxmaram. Gərəkdir cəmi dünya zərbi-dəstimi görə. Xalq mənə edən ehtiramı Təhmasa etmir. Hamı qorxudan adımı eşidəndə bir ağaclıqdan qaçır. Bundan müqəddəm Hüseyn xan axtarırdı. İndi də Təhmas ... hərçənd Təhmas əvvəl mənimlə mehriban idi, amma indi bilməyirəm ki, nə olubdur. Kərratla göndərdiyi qoşunları dağıtmışam.... (Fikrə.) Zərər yoxdur, vaxt olar Təhmasa da özümü göstərərəm.... BEŞİNCİ GƏLİŞ Səs. C a v a d. Nadir! Nadir! N a d i r (tez gedib baxır). A! Dayı can, buyur, buyur. (Dişqarıda.) Ay gədə, gəl atı tut. (İkisi də içəri daxil olurlar.) N a d i r. Xoş gəlibsən, dayı! Uşaqların kefi necədir? C a v a d (oturur). Ey ... Ay balam! Bir tövr dolanırlar. Mən də dəxi qocalmışam. Əvvəlki tək işləyə bilmirəm, bu il hətta heç taxıl da əkmədim. N a d i r. Heç fikir etmə. Allah kərimdir. Gətirdiyim qarətdən bir illik sənin təamın çıxar. Eşitdinmi, özbəklərə nə tufan etmişəm? Heç bilirsənmi başlarına nə işlər gətirmişəm! C a v a d (başını yırğalayır). Ah! Ah, balam (Başını, tutub fikrə gedir.) Eşitmişəm, eşitmişəm!.... N a d i r. Dayı! Nə üçün ah-zar edirsən? Nə səbəbə qəmgin oldun? Gərəkdir şad olasan ki, mənim kimi bacın oğlu var. Onu bilmirsənmi, adımı eşitcək hamı titim-titim titrəyir, padşahlar mənim müqabilimdə davam etməyir, qoşunları qoyun kimi qaçırlar! Mən deyiləmmi özbəkləri dağa-daşa salan? Mən deyiləmmi İrana qan ağladan? Belə köməyi olan da ah-vay edərmi? Belə köməyi olan da dərd edərmi? Fəxr et! Könlün şad olsun! C a v a d (başını qaldırıb). Bilirəm. İgidsən, aslan bərabərində cavansan, amma.... (Başını aşağı salır.) N a d i r. Necə amma? Nə deyirsən? C a v a d (başını tutub ağlayır). Heç balam, heç! Allah qüvvət versin! N a d i r. Dayı, sənə nə olubdur? Nə üçün ağlayırsan! Ürəyində nə var, de! C a v a d. Ay balam, nə deyim!.... Mən öz günümə ağlamıram. Bu gün-sabah öləcəyəm.... Məni fikrə salan vətənimizin qarışıq işləridir. Of, of! Heç bilirsənmi nə halda bulunuruq. Vətənimiz əldən gedir, ziyarətgahlarımız, yerlərimiz özgə tayfaların əllərinə keçirlər. Millətimiz günbəgün zəlil, məşəqqətdə bulunur: əkin yox, biçin yox, neçə kəndlərdə aclıq başlanıb. Xalq çəyirtkə kimi qırılır, mən buna ağlayıram.... Başını tutub ağlayır. Nadir fikirdə. Cavad yerindən qalxıb Nadirin əlindən tutur.) Nadir! Dünyada ad qazanmaq iki yol ilə olar: yamanlıqla və bir də yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamıya mümkündür və bu ad həmişəlik deyil.... Yaxşılıqla ad qazanmaq hər şəxsin hünəri deyil. Yaxşılıq edən şəxsin adı nəinki öz sağlığında və hətta öləndən sonra da dillərdə zikr olunar. Bəs heç rəvadırmı ki, sənin kimi rəşid və şücaətli cavanın adı sağlığında min cürə söyüşlə və öləndən sonra lənət ilə zikr olunsun? Rəvadırmı ki, sənin ömrün, gücün və ağlın quldurluqda çürüsün? Rəvadırmı ki, insan bilə-bilə gözəl sifətlərini puç edib, yaman sifətləri qəbul edə? (Nadir fikirdə.) Heç eşidibsənmi ki, quldur öz əcəli ilə ölə? Qulduru həmişə ya asıblar, ya boğublar, ya güllələyiblər. Xülasə, quldur olan kəs belə yaman naqabil ölümlərdən uzaq deyil.... Dəxi nə deyim, balam.... (Fikrə gedir.) N a d i r. Dayı, diqqətlə sözünüzə qulaq verirəm. Buyurun görüm. C a v a d. Dəxi nə deyim, ay balam!.... Axır sözüm budur ki, sən gərək bu yaman peşədən əl çəkəsən. Fikrini, gücünü sərf edəsən millət və vətən yolunda. Bizim atadan-babadan qalan yerlərimizi düşmənin əlindən qurtar, qoyma ziyarətgahlarımız qeyri tayfaların əlində qala. Onda ümidvaram ki, Təhmas şah günahından keçə. N a d i r (gülə-gülə). Ah! Ah! Təhmas şahda nə qalıbdır ki, mənim günahımdan keçə? C a v a d. Neçə ki, nə qalıbdır? Təbrizdən xeyli qoşun yığıb Xorasanı türkmənlərin əlindən qurtarmağa gedir. Nadir! Dübarə səndən təvəqqe edirəm: at, bilmərrə bu yaman peşəni.... Dağılmış vətən, yurdu itmiş, ah-zarı ürək dağlayan millət sənin kimi bir aslan gözləyir. Durma, oğlum! Minlərcə mənim kimi göz yaşlarını tökən var. Bu qan ağlayanlara kimdən cavab gözləmək? N a d i r (əlini başına aparıb fikir edir. Birdən Cavadın yanına gedir.) Dayı! Sənin sözlərin məni ayıltdı, bu vaxtadək xabi-qəflətdə imişəm. (Fikrə.) İndi ... hə.... İndi başa düşürəm ki, atam da, mən də əbəs yerə qan tökürmüşük.... Bəsdir! Bundan sonra vətənin fikrində olmalıyam.... (Fikrə.) O qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər.... C a v a d. Doğrumu deyirsən? N a d i r. Dayı! And olsun yerlə göyü yaradana! And olsun Rzaqulunun canına ki, bu qılınc ancaq vətənin yolunda işlənəcəkdir! C a v a d (əlini urəyinə qoyur.) İndi bir az sakit oldum.... Allah səndən razı olsun. (Alnından öpür.) Nadir! Vətən yolunda qılınc vurmaq müqəddəs və savab işdir; bir işdir ki, cəmi İran səndən razı qalar. Ata-babamızın sümükləri basdırılan yerləri düşmənlərin əlindən xilas edərsənsə, böyük bir müqəddəs iş etmiş olarsan. N a d i r. Allahın köməkliyi ilə, bu qılıncın hünərinə qoymaram qeyri millət İran torpağında baş qaldırsın.... İndi dayı, sən evə get, bir az rahat ol, mən də bir neçə buyruq verəcəyəm. C a v a d. Yaxşı, gözümün nuru! (Gedir.) N a d i r (tək). Həqiqət, mən bu vaxtadək qəflət yuxusunda imişəm; ancaq günah məndə deyil, atam tərbiyəni belə vermişdi. Çox yaxşı ki, dayım məni ayıltdı, yoxsa məndən sonra Rzaqulu da nahaq yerə bu qanları tökəcək idi. Əcəba, nə üçün mən bir fikir etməyirdim. Atamdan artıq qoçaqlıq edə bilməyəcəkdim. Amma bununla belə bu dünyada nə qoydu getdi? Harada adı hörmətlə çəkilir? Quldurların məclislərində.... Bəli, on, ya iyirmi-otuz quldur atamın adı gələndə rəhmət oxuyursa, cəmi İran haman adı nifrətlə söyləyir.... (Fikrə gedir.) Yox, dəxi durmaq vaxtı deyil. (İstəyir getsin.) ALTINCI GƏLİŞ G ü l c a h a n (tez Nadirin qabağına çıxır). Nadir! Dayın deyən söz doğrudurmu? N a d i r. Nə var? Nə olubdur? G ü l c a h a n. Nə üçün gizləyirsən? Özün bilmirsənmi? N a d i r (gülümsünür). Yox! G ü l c a h a n. Sən mənim canım, doğrudurmu ki, yaman peşədən əl çəkirsən? Hə? N a d i r (tərəfə). Binəva sevindiyindən bilmir nə etsin. (Gülcahana.) Doğrudur, Gülcahan, doğrudur. Mən yaman, nifrətli peşədən əl çəkdim. Fəqət indi lazım gəlir, müqəddəs yerlərimizi, zəlalətdə yaşayan millətimizi düşmənlərin zülmündən xilas edim. G ü l c a h a n. Pərvərdigara! Çox şükür, çox şükür ki, mənim duamı müstəcab etdin. (Ağlayır.) Gecə-gündüz əlim sənin dərgahında öz-özümə deyirdim: nə vaxt canım qorxu çəkməkdən azad olacaqdır. Çox şükür ki, mətləbimə çatdım! (Nadir gedib qolundan tutur.) N a d i r. Ağlama, get rahat ol! Dayım yoldan gəlibdir, qocadır, yorulmuş olar, onu rahat et. Onun sözləri məni yuxudan ayıltdı.... G ü l c a h a n (gedə-gedə). Allah səbəbə nicat versin! N a d i r (tək). Biçarə övrət o qədər qorxudan gecələr yatmayıb ki, saralıb, muma dönübdür, indi sevindiyindən ağlayır. Həqiqət, Gülcahan məni çox istəyir, yoxsa mən hara, Birabil xanın qızı hara. Xülasə!.... Gedim görüm adamlar yerlərindədirlərmi? (Çıxır.) YEDDİNCİ GƏLİŞ R z a q u l u (evin qənşərindən gəlir, qılıncı qınından çıxarır). Görüm, yaxşımı qayırıbdır. (Baxır.) Çox yaxşıdır! (Məşq edir.) Görüm, atamın xoşuna gələcəyəmmi? O, qoçaq adamları çox sevir. Hərçənd quldurluğa əvvəlinci dəfə gedəcəyəm, amma yanımda o qədər nəql ediblər ki, qulağım dolubdur. Bilmərrə qorxum yoxdur. Ürəyim belə tələsir ki, hər günüm bir il keçir, dəqiqələri sanıyıram. Dünən qaçaqlardan biri atamın qoçaqlığından danışırdı.... Deyir, qorxulu davada vaxta ki, Nadir qabağa düşür, elə bilirsən hamıya təzədən ürək verilir.... Deyir, qılıncı heç boş yerə çıxartmaz. Elə ki, çıxartdı, gərək düşmənin başı yerdə ola. Elə ki, deyir, Nadir qabağa düşür, nərəsindən düşmən tab gətirməyib qaçır.... Ah, hanı bir tez gedəydik, mən də qılıncı sıyırıb (qılıncı sıyırıb bərkdən), qorxma, vur! (Yüyürür.) Tərpənmə! SƏKKİZİNCİ GƏLİŞ G ü l c a h a n (tez qapıdan çıxıb Rzaquluya tərəf). Nə olub? Nə var? Rzaqulu, sənsən? (Əlini ürəyinə aparıb pilləkənin üstündə əyləşir.) Uf! Ay balam, sən məni qorxutdun, dedim görəsən nə olubdur. Nə üçün elə edirdin, oğlum? Dəli olmuyubsan ki? R z a q u l u (anasının yanına gedib qolundan tutur). Ana, qorxma, heç şey yoxdur. (Gülür.) Ah! Ah! G ü l c a h a n (yavaş-yavaş durur). Oğlum, bəs divanətək nə üçün qışqırırsan? R z a q u l u. Heç, məşq edirdim. Deyirəm görüm, atamla gedəndə necə dava edəcəyəm. G ü l c a h a n. Hara? R z a q u l u. Qaçaqçılığa! G ü l c a h a n. Axmaq-axmaq fikirləri başından çıxart. R z a q u l u. Ana, vallah atam deyirdi səni də özümlə qaçaqçılığa aparacağam. G ü l c a h a n (Rzaqulunun gözlərindən öpür). O çox da apardı, səni qoyan kimdir? Allahı sevirsən, elə şeyləri fikrindən çıxart. R z a q u l u (əlindən tutur). Ana, sən mənim canım, mane olma, qoy gedim. G ü l c a h a n (üzünə diqqətlə baxıb gözlərindən neçə dəfə öpür). Bircə de görüm, qaçaqçılığa nə üçün gedirsən? R z a q u l u. Heç, ancaq istəyirəm atam kimi ad çıxardam. Qoyarsanmı? Hə? Mane olmazsan ki? Hə? G ü l c a h a n (gülə-gülə). Atan quldurluğu, qaçaqçılığı dəxi tərk edibdir, dəxi getməyəcəkdir. Sən də ad çıxarda bilməyəcəksən. Mən də bu gözlərə (gözlərindən öpür) həsrət qalmayacağam. R z a q u l u. Nə deyirsən? Necə getməyəcəkdir? Mənə özü dedi ki, yaraq-əsbabını hazır et. İndi sən deyirsən getməyəcək? Görünür, səni aldadıbdır, çünki hər vaxt yola çıxanda sən ağlayırsan, ona görə deyibdir ki, dəxi ağlamayasan. G ü l c a h a n. Bu günədək o fikirdə idi, fəqət bu gün fikrini dəyişibdir. R z a q u l u. Nə üçün? Nə olubdur ki? G ü l c a h a n (Nadiri görüb). Özü gəlir, soruş, özü deyər. DOQQUZUNCU GƏLİŞ N a d i r. Rzaqulu, gəlibsən? R z a q u l u. Bəli. G ü l c a h a n (Nadirə). Oğlun məni qorxutdu. Evdə işə məşğul idim. Bir də eşidirəm biri fəryad edir: "Qoyma! Vur! Tərpənmə!" Evdən tez çıxıb görürəm: tək özü qılınc ilə oynuyur. N a d i r. Nə edirdin, oğlum? R z a q u l u (başını aşağı salıb). Heç, məşq edirdim. N a d i r. Nə məşq? G ü l c a h a n. Deyir, mən də atam kimi istəyirəm ad çıxardam. N a d i r (əlini oğlunun başına qoyub). Qoçaq oğlum! Hünərli oğlum! G ü l c a h a n. Mən də deyirəm dəxi qaçaqçılığa getməyəçəksən. İndi səbəbini soruşurdu ki, sən gəldin. N a d i r. Hünərli oğlum! Ad çıxarmaq üçün tövürlü yollar var. Ancaq qaçaqçılıqla ad çıxartmaq yaman nifrətli yoldur. İnsan gərəkdir ağlı ilə, yaxşılıqla ad çıxartsın. Bu vaxtadək quldurluqdan nə ki söyləmişəm və özün eşidibsən çıxart başından. Mən düz yoldan azmış imişəm. Bundan sonra qılıncını ancaq vətən yolunda çıxart. Oğlum, düşmənlər vətənimizi tar-mar edirlər, müqəddəs yerlərimizi əldən alırlar. Bundan sonra gərəkdir quldurluğu bilmərrə buraxıb vətənə kömək edək, belə bir yolda ad çıxartmaq böyük bir səadətdir. Ümidvaram ki, mənim sözlərimi anlayırsan. (Rzaqulu dizi üstə düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur və gözlərindən öpür.) İndi bildim ki, mənim yolumda baş qoymağa hazırsan. G ü l c a h a n (boynundan qucaqlayır). Gördün, dedim dəxi getməyəcəksiniz. N a d i r. İndi durma oğlum, get qaçaqlara de ki, hazır olsunlar. (Rzaqulu gedir. Gülcahana.) Sən də get, mənimçün yola nə lazımdır hazırla. Dayım nə edir? G ü l c a h a n. Yatıbdır. N a d i r. Görükür, yorulubdur. Oyatma, qoy hələ yatsın, lazım olanda oyadarsan. G ü l c a h a n. Yaxşı. (Gedir.) N a d i r. Rzaqulu məni çox istəyir, nə desəm hazırdır. Sözlərim ona təsir etdi. Başını uzadır, yəni: boynumu vur, sözündən çıxmaram, dediyidir. Bərəkallah, oğul! Pərvərdigara, etdiyim günahların əvəzində ömrümün axırınadək sənin yolunda savab işlər edərəm, ancaq bu oğlumu mənə çox görmə! Məni onun gözlərinə həsrət qoyma! ONUNCU GƏLİŞ R z a q u l u. Baba, hazırdırlar, qulluğunuzu gözləyirlər. N a d i r. De gəlsinlər. (Rzaqulu gedir.) Ah! (Fikirdə.) Xorasanı düşmənlərin əlindən xilas etdiyim günü tezmi görəcəyəm? ON BİRİNCİ GƏLİŞ Rzaqulu, bir neçə yaraqlı qaçaq. N a d i r. Gəldiniz? Bu saat atlanıb düşün kəndlərə, ətraf-əsnafa! Hər kəsi gördünüz, deyərsiniz Nadir sizi çağırır. Hamı gərək bu gün buraya cəm olsun. Hər kəs gəlməsə, adını soruşub yazarsınız, sonra mən onlara göstərərəm. Heç kəs də qorxmasın, eşitdiniz? H a m ı. Bəli. N a d i r. Di durmayınız. (Gedirlər.) Sən də Rzaqulu, de, mənim atımı hazır etsinlər. R z a q u l u. Baba, mənim atımıdamı? N a d i r. Yox, oğlum, bu səfər sən getməyəcəksən. Buralar şuluqdur, sən də evə bax. (Rzaqulu çıxır. Bir-bir, iki-iki kənd əhli kəlib Nadirə baş əyib qabağında dururlar.) Hər kəs yorulubdur, əyləşsin. Xoş gəlibsiniz, hamı yığılanda mənə xəbər edin. (Evə gedir.) K ə n d ə h l i n d ə n b i r i. Heç bu sifət bunda görükmüyübdür ki, deyə əyləşin. İ k i n c i. Görəsən genə nə var, bəlkə işi düşübdür. Ü ç ü n c ü. Əlbəttə, yorulubdur, quldurluğa getmək istəmir ki, arxayın evdə otursun. Biz də tövcü verək. D ö r d ü n c ü. Xülasə, allah özü rəhm etsin, xeyir işə bənzəmir. B e ş i n ci. Bizim evimizi düşmən azmı yıxır? Bu da indi istəyir ki, olub-qalanımızı alsın. Mənim sözümə baxsanız, hamımız çıxarıq gedərik, sonra nə edəcək, etsin. Ölüb getmişik, ölmüşün nəyini öldürəcəkdir. (Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar gəlirlər. Xalq onlara tərəf.) H a m ı (bərkdən). Bizi nə üçün yığıbsınız? ON İKİNCİ GƏLİŞ Nadiri görəndə səslərini kəsirlər. N a d i r. Həzərat! Xoş gəlibsiniz! Bu vaxtadək məndən və atamdan zərərdən və əziyyətdən başqa bir şey görməyibsiniz....Əvvələn sizdən təvəqqe edirəm ki, mənim günahımdan keçəsiniz və sizə məlum edirəm ki, bugündən quldurluğu, qaçaqçılığı bilmərrə buraxıb, canımı, gücümü və ağlımı millət və vətən yolunda sərf edəcəyəm. Bəsdir, nə qədər əbəs yerə qan tökdüm. Bəsdir, nə qədər siz mənim əlimdən dad çəkdiniz. İndi ancaq düz yolu tapmışam, indi ancaq anlamışam ki, insan gərək vətən və millət yolunda işləyib qeyrət, həmiyyət göstərsin. Özünüz görürsünüz, eşidirsiniz vətənimizi düşmən hər yerdən zəbt edir. Hətta ziyarətgahlarımıza da əl uzadırlar. Bundan sonra mən özümə söz verirəm ki, vətənimizi düşmənlərin əlindən xilas edib milləti zülmdən qurtarım. Əvvəlinci gedən yerim Xorasandır ki, sistanlıları oradan gərəkdir qovmaq. Sizlərdən kim istəmir ki, ata-babalarımızın müqəddəs yerlərini xilas edək, tainki bizdən sonra gələn uşaqlarımıza bu ibrət ola, qeyrətə gəlib gözləri həmişə açıq ola? Kim istəyər ki, öz əkdiyini özü biçməsin? Razısınızmı? H a m ı. Razıyıq! Razıyıq!.... N a d i r. Bəs belə olan surətdə dağılınız ətrafda olan kəndlərə, car çəkin ki, Nadir gedir Xorasanı düşmənlərin əlindən qurtarmağa. Hamı yığılsın, hər kəsin nə yarağı-əsləhəsi var götürsün. Onu da deyirəm: hər kəsin qeyrəti oyanmayıbdır, getməsin. Ümidvaram ki, sözümə əməl edəsiniz. H a m ı. Hazırıq vətən yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (Bərkdən.) Nadir sağ olsun!.... Nadir sağ olsun!.... PƏRDƏ YARIM MƏCLİS İKİNCİ MƏCLİSİN MABƏDİ Vaqe olur Xorasan yolunda. Bir neçə çadır, bir sərbaz əlində tüfəng çadırın qabağında gəzinir. İki sərbaz yavuqda durub çırpı yığır. B i r i i c i s ə r b a z. Ağlın nə kəsir, Xorasana getməkdən bir şey olacaq, ya yox? İ k i n c i s ə r b a z. Necə? B ir i n c i s ə r b a z. Deyirlər sistanlılar qalanı möhkəm bərkidiblər. İ k i n c i s ə r b a z. Baxaq görək, necə olacaqdır. Şah gərək ki, bir xəbər gözləyir, ona görə hələ getmək istəmir. B i r i n c i s ə r b a z. Nə xəbər gözləyəcək. Düşmənlər dəli deyillər ki, Xorasan kimi şəhəri əllərindən verələr. Heç bilirsənmi, ziyarətə gedənlərdən nə qədər xeyir götürürlər? İ k i n c i s ə r b a z. Bundan əlavə, deyirlər onların xanı sərbazlara çox mərhəmət göstərir: hər nə qarət olunur, sərbazların aralarında bölünür. B i r i n c i s ə r b a z. Ona görədir ki, Mahmud xanı sistanlılar sevirlər. İ k i n c i s ə r b a z (əlini gözünə tutur). O kimdir, tez-tez çaparaq gəlir? B i r i n c i s ə r b a z. Hanı? Hanı? İ k i n c i s ə r b a z (əli ilə göstərir). Odur, bax! Odur! B i r i n c i s ə r b a z. Bizim adam deyil? İ k i n c i s ə r b a z. Bəli. Görəsən kim ola? B i r i n c i s ə r b a z. Bir yaxşı bax, uzaqdan atlılar da görünürlər. İ k i n c i s ə r b a z (diqqətlə baxır). Doğrudur, qəribə çox atlı var, görəsən kimdir? B i r i n c i s ə r b a z. Lazımdır padşaha xəbər vermək. İ k i n c i s ə r b a z. Ay, kimsən, dayan! (Tüfəngi götürür atmağa. Bu vaxt əvvəlinci sərbaz yüyürür Təhmasın çadırına tərəf, orada şeypur çalınır. Təhmas çadırdan tez çıxır, qarşıdan Nadir qoşunu ilə gəlir.) T ə h m a s (öz sərbazlarına). Dayan! (Əli ilə.) Nadir ürəkli Təhmas xana tərəf gəlir və iki tərəfin qoşunu xamuş durur. N a d i r (qılıncı açıb Təhmasa verir). Qibleyi-aləm! Bu qılıncla mən çox ataları oğulsuz və çox uşaqları atasız və anasız qoymuşam. Bu qılıncla çox nahaq qanlar tökmüşəm, çox evlər yıxmışam, indi qeyrət və insaf mənə qalib gəlib. Gəlmişəm qibleyi-aləmin hüzuruna. Xahiş edirsən bu qılıncla başımı vur, yainki rüsxət ver, düşmənlərin təsərrüfündən vətənimizi xilas edim, hərçənd dayımı göndərmişdim qibleyi-aləmin qulluğuna ki, mənim məqsudumdan xəbərdar etsin, amma Xorasana məxfi göndərdiyim adam gəlib ürəyi odlayan xəbər gətiribdir. Hirsimdən səbir edə bilmədim və özümü qibleyi-aləmə yetirdim ki, məqsudumdan xəbərdar edim. İndi ixtiyar qibleyi-aləmdədir. (Başını aşağı salıb durur). T ə h m a s (yavuq gedir, qılıncı verir). Nadir! Sənin bu vətənpərəstliyin və aşkara qeyrətin məni vadar edir nəinki sənin təqsirindən keçəm və bəlkə cəmi qoşunun ixtiyarını sənə tapşıram. Mən sənin təqsirindən keçdim. (Qoşuna üzünü tutub.) Xoş o millətin halına ki, Nadir kimi köməyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sərdarı var!!! Sağ olsun Nadir xan! Q o ş u n. Təhmas şah sağ olsun! Nadir xan sağ olsun! (Burada fars marşı çalınır.) PƏRDƏ * * * Üçüncü məclis Vaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi. ƏVVƏLİNCİ GƏLİŞ N a d i r (uzaqdan qoşuna baxıb). Mirzə Mehdi! (Yavuq gəlib daşın üstə əyləşir. Fikrə gedib başını əli ilə tutur). M i r z ə M e h d i x a n. Salari-müəzzəm! Cənabi-süpəh-salari-sərdar! Nə buyurursunuz? N a d i r (başını qaldırıb). Gəlibsən? M i r z ə M e h d i x a n. Salari-müəzzəm, bu gün üç gündür nə gecə yatıbsınız və nə gündüz, bədənə zərərdir. Bir az rahat olun. N a d i r. Mirzə Mehdi! Dünənki dava məni bir hala gətiribdir ki, özümü tərlan kimi hiss edirəm. Həqiqət, dünənki dava qabaqkı davalara bənzəməz. Qalanı allahın köməkliyi ilə bu gün alacağam, düşməndə güc qalmayıbdır. (Qoşuna nəzər edir.) M i r z ə M e h d i x a n. Qoşuna rahatlıq olacaq, yainki bu gün genə davadır? N a d i r. Xeyr, dünənki davadan sonra rahatlıq vermək olmaz. İşi gərəkdir isti ikən görəsən, bu gün gərəkdir qala alınsın. (Dişqarıda səc.) Mirzə! Gör kimdir? (Mirzə Mehdi çıxır. Tək.) Bəli, indi bu davalarımı Təhmas eşidibsə, çox şaddır. Görünür, ümidi mənə çoxdur. Yoxsa ,birdən-birə mənə qoşunun ixtiyarını verməzdi və tək məni sistanlıların üstə göndərməzdi.... Xeyr, çox da ümid etmək olmaz. O gün kağız göndəribdir ki, tez İsfahana özünü yetir. Amma xəbəri yoxdur, bilmir ki, İranı hər yerdən tar-mar etmək istəyirlər. (Fikrə gedib başını əli ilə tutur.) İKİNCİ GƏLİŞ Mirzə yavaş-yavaş gəlib Nadiri bu halda görüb danışmır. N a d i r (başını qaldırıb). Mirzə, gəlibsən? Kimdir? Nə səsdir? M i r z ə M e h d i x a n. Qulluğunuza Sistan tərəfindən elçi gəlibdir. N a d i r. Elçi?! (Ayağa durur.) Ah! Ah! Ah! (Gülür.) Elçi! Görəsən fikri nədir? Qala alınmasa biz tərəfdən qılınc yerə qoydu yoxdur, Mirzə. Görürsən? (Rişxəndlə.) Buyursun! (Mirzə çıxır. Tək.) A.... Zərbi-dəstimi dadıblar.... Elçi nədir? Gərək xan özü gəlib təvəqqe edə ki, mən ondan əl çəkim.... Xeyr, əl çəkmərəm. Ancaq təvəqqe edə bilər ki, xalqı əbəs yerə qırmayım, özünü öldürməyim.... Ancaq belə şeylərin təvəqqesi ola bilər.... ÜÇÜNCÜ GƏLİŞ Elçi və Mirzə Mehdi. E l ç i (baş əyib). Xidməti-şərifinizə salam edib Sistan xanının tərəfindən göndərilmişəm. N a d i r. Xub, buyruq? E l ç i. Xanın xahişi budur ki, ümum xeyirdən ötəri davanı bərhəm edin. N a d i r (acıqlı baxır). Nə şərti-şürutla? E l ç i. Xan xahiş edir ki, layiqincə xərac versin. N a d i r (gülür). AH! Ah! Qalada oturub dəhyek versin?! Xub! Cənab elçi, xanınız çox əla xəyallara düşübdür.... E l ç i. Və bir də şərt edir ki, bundan sonra minbəd İranla dava etməsin. N a d i r (gülə-gülə). Cənab elçi! Xanınıza ərz edərsiniz ki, bu gün hazır olsun! Şərtnaməni yazıb göndərərəm və buyruq verərəm ki, qolubağlı şərtnaməyə qol çəksin. E l ç i (mat). Anlamayıram. N a d i r. İnşaallah, bir saat keçmiş anlarsınız. Görünür, xanınız davada xabi-qəflətdə imiş, zərbi-dəstimi görməyibdir və illa görsə idi bu təklifləri mənə etməzdi. İnsafdırmı ki, ata-babamızdan qalan yerləri alasınız, müqəddəs yerlərimizi qarət edəsiniz və bizim qüvvətimiz ola-ola sizin xeyrinizə olan şərtləri qəbul edək? Hərgah xanınız xahiş edir ki, özü əsir olmasın, hərgah əbəs yerə qoşunun qanfişan olmağını istəməyir, iki saatadək Xorasanın qələsini gərək azad etsin. Və illa bu gün şəhəri alt-üstə çevirmək, anaları balasız, balaları anasız qoymaq mənim borcum olsun. İndi buyurun. (Əli ilə yol göstdrir. Elçi baş əyib çıxır.) Mirzə! Görürsən, nə təkliflər edirlər? M i r z ə M e h d i x a n. Sərdarım, fikrinizdən xəbərdar deyillər. Dünən davanı kəsməkdən ola bilsin ki, xan özgə xəyallara düşübdür. N a d i r. Onun xəyalı mənə məlumdur. İstəyir vaxt alıb təzədən hazırlaşsın. Fəqət mən qoymaram göz açmağa. (Ayağa durub hazırlaşır.) Mirzə, bax gör, hamı hazırdırmı? (Mirzə çıxır. Tək.) Xorasanı əldən vermək istəmirlər.... Allah yar olsa, göstərərəm!.... DÖRDÜNCÜ GƏLİŞ M i r z ə M e h d i x a n. Əfqanıstandan məktub var. N a d i r. Aç oxu! (Nadir baxır, Mirzə ayaq ustə səslə oxuyur.) M i r z ə M e h d i x a n. "Süpəhsalar sağ olsun! Əfqanlar şücaət və rəşidliyinizi eşidiblər və fikrinizdən xəbərdar olublar ki, Xorasandan Əfqana üz qoyacaqsınız. Bu xəbər bunları təşvişə salıb, ciddi surətdə hazırlaşırlar. Məclis qurub əhd etdilər ki, Allahyar xanı zindandan xilas edib qoşunu ona tapşırsınlar. Təzə qalalar tikməyə mübaşirdirlər. Hər növlə çalışırlar ki, qabağınızı kəssinlər. Kəhrizi Allahyar xanın qoşunu tutubdur və oradan Fərmanabada atlı qoşun göndərib istəyirlər dal tərəfdən sizə mane olsunlar. Bu əhvalatları vacib bilib qulluğu-şərifinizə məlum edirəm. Şərif xan." N a d i r. Başımdakı fikrimi bu xəbər busbütün dəyişdirdi. (Fikrə gedir.) Hər nə olmuş-olsa gərəkdir bu gün sistanlılarla qurtaram. Mirzə! Sən çıx yuxarı, tamaşa et davanı başlıyıram. (Hazırlaşır. Mirzə çıxır, uca səslə.) Şeypur! (Şeypur səslənir, dişqarıda qilu-qal düşür.) Əvvəlinci foc, sağ tərəfdən! İkinci foc, sol tərəfdən! Üçüncü, daldan hazır olun! (Nadir əli ilə işarə edir, şeypur çalınır. Uca səslə.) Allah! Allah! Allah! PƏRDƏ ÜÇÜNCÜ MƏCLİSİN MABƏDİ Vaqe olur İsfahan şəhərində. Şah Təhmas öz evində əyləşibdir və Heydər xan qabağında durubdur. Ş a h T ə h m a s. Heydər! Nadirdən bəs bir xəbər gəlmədi? H e y d ə r. Qibleyi-aləm! Gəlibdir. Ş a h T ə h m a s. Nə xəbər var? Nə iş görübdür? H e y d ə r x a n. Qibleyi-aləm sağ olsun! Heç şey. Yazmağından belə məlum olur ki, əbəs yerə qoşunun yarısını tələf edib bir iş də görməyibdir. Ş a h T ə h m a s. Elə şey ola bilməz. Nadir ola bir iş bacara bilməyə? H e y d ə r x a n. Qibleyi-aləm! Başdan gərək mənim sözümə diqqət edəydiniz; mən ərz etdim, quldura birdən-birə elə zor mənsəb vermək olmaz. Kim bilir qoşunun başına nələr gətiribdir.... Qoşun heç.... Ancaq.... Ş a h T ə h m a s. Nə üçün fikrə getdin? Söylə görüm! H e y d ə r x a n. Qibleyi-aləm! Cürət edib ərz edə bilmirəm. Ş a h T ə h m a s (hirsli). De görüm nə olubdur? H e y d ə r x a n. Qibleyi-aləm! Belə deyirlər, guya Nadir qoşunu özünə tabe edib, istəyir hətta padşahlığa əl uzatsın. Ş a h T ə h m a s. Sən hardan bilirsən? Kim deyir? H e y d ə r x a n. Qibleyi-aləm! Kərratla yazıbsınız: ki, gəlsin, nə üçün gəlməyir? Və bundan əlavə, eşidirəm xalq və qoşun ona böyük məhəbbət göstərirlər. Ş a h T ə h m a s (fikrə gedir). Doğru deyirsən, hərgah belə bir şey olmasa, bu vaxtadək onun cürəti nədir ki, mənim buyuruğuma əməl etməyə. Mən demişəm ki, hər əhvalatı yaz xəbər et, amma bu vaxtadək heç bir şey yazmayıbdır. H e y d ə r x a n. Bir neçə məktub göndəribdir, ancaq onun sözlərinə inanmaqmı olar? Məsəla, yazır ki, sistanlıları qovluyub Xorasanı düşmənin əlindən xilas etmişəm, Əfqanıstanı alıb xanını əsir etmişəm.... Belə şeylər yazmaqdam məlum olur ki, qibleyi-aləmi arxayın edib başındakı yaman fikirlərini istəyir birdən aşkar edə. Ş a h T ə h m a s. Bu saat Süleyman xanı bir qədər qoşunla göndərərsən Əfqanıstana onun hər ixtiyarını alsın və boynunu onun gərək vurduram. Onda o qədər hünər olsun ki, padşahlıqa əl uzatsın? Xeyr.... Xeyr.... Qoymaram elə quldurlar tacıma əl uzadalar. H e y d ə r x a n. Qibleyi-aləm! Nadirdə bir dil var ki, hamını aldadar, hökmünüzü yerinə tez yetiriniz, yoxsa bədbəxtlik üz verər. Ş a h T ə h m a s. Durma! Necə ki, dedim elə edərsən, get bu saat Süleyman xanı qoşunla göndər.... (Heydər xan çıxır.) Ş a h T ə h m a s (bir az fikirdən sonra). Hər halda, gərəkdir ehtiyatlı olmaq, güc onda, ad onda, dövlətin cəmi əyanları ona tərəf.... Yox, bu işi belə qoymaq olmaz, gərəkdir onun başı vurula, Heydərdən savayı qeyri vəzirlər də bir neçə dəfə deyiblər ki, Nadirə ümid bağlamq olmaz.... ƏVVƏLİNCİ GƏLİŞ H e y d ə r x a n. Qibleyi-aləm! Xəbər gəlibdir ki, Nadir şəhərin on, beş ağaclığındadır. Ş a h T ə h m a s. Buyruq ver ki, şəhərə qoymasınlar. H e y d ə r x a n. Qibleyi-aləm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gəlsin, vaxta ki, daxil oldu, cəllada hökm edərsiniz boynunu vursun. Ş a h T ə h m a s. Yaxşı, sən cəllada deyərsən hazır olsun. Buyruq ver ki, Nadir şəhərə daxil olanda qoşunu bir ağaclıqda qoysun və şəhərin xəlqi çox şadlıq etməsin. (Təhmas öz otağına gedir.) H e y d ə r x a n. Hər nə hiyləm var idi işlətdim. İndi padşaha məndən müqərrib bir kimsə olmadığını Nadir düşünər. Mənim əslim xan, dövlətin hər bir ixtiyarı mənim əlimdə, Nadir isə dünənki quldur. Doğrusu, ürəyim qəbul etməyir ki, dünənki quldur bu gün bu tövr şan-şövkətə layiq olsun.... Xeyr.... Vaxtında gərəkdir iş görmək.... Ş a h T ə h m a s (daxil olur. Uzaqdan şeypur səsi). Heydər! Bu nə səsdir? (Heydər xan qapıya gedərkən, qapıdan Nadir və sərkərdələr daxil olub şahın qabağında dizləri üstə otururlar.) Durun! (Əli ilə göstərir.) Bir adam ki, padşahın əmrindən çıxdı, ona xeyir-dua vermək olmaz, onun başı gərəkdir vurulsun. (Nadir və qeyriləri ayağa durub bir-birinə təəccüblə baxırlar.) N a d i r. Qibleyi-aləm! Nə günahın sahibiyəm? Ş a h T ə h m a s. Günahın çoxdur: neçə aydır gedibsən, beş min qoşun aparıbsan, bu vaxtadək bir şey yazmayıbsan, bəs bundan məlum olur ki, padşahın əmrindən çıxıb, başında qara fikirlər bəsləyirsən. Mən o başı yox etdirərəm.. (Bərkdən.) Cəllad! İKİNCİ GƏLİŞ N a d i r (uca səslə). Səbir ediniz, qibleyi-aləm! Təvəqqe edirəm qulluğunuza göndərdiyim məktubları buyurasınız gətirsinlər. Ş a h T ə h m a s. Nə məktub? N a d i r. Hər nə ki olubdur, hər şəhəri ki almışıq, hamısının barəsində Mirzə Mehdi yazıbdır. Mirzə, doğrudurmu? M i r z ə M e h d i. Bəli, hər əhvalat ki olub, vaxtbavaxt təfsilən qibleyi-aləmin qulluğuna yazılıb göndərilibdir. Ş a h T ə h m a s. Heydər! Kağızları gətir görüm. N a d i r. Qibleyi-aləm! Fikrinizə gəlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra səmim-qəlblə millətə və dövlətə kömək edəcəyəm? Ola bilərmi o andımdan sonra padşahıma və dövlətimə xəyanət edəm? Ş a h T ə h m a s. Onlar köhnə sözdür.... İnsanın qəlbini bilmək olmaz. ÜÇÜNCÜ GƏLİŞ Heydər xan kağızları gətirib verir şaha. H e y d ə r x a n. Qibleyi-aləm, ancaq iki kağız alınıbdır. (Şah Təhmas kağızları alıb baxır.) Ş a h T ə h m a s (başını yırğalayıb). Bəli, hərgah burada yazılanın hamısı düz olsa, çox hünərlər edibsiniz, amma.... N a d i r. Qibleyi-aləm! Səbəb nədir ki, mənim sözlərimə inanmırsınız? Və nə səbəbə gərəkdir mən yalan danışam və yainki yazam? Təvəqqe edirəm buyurasınız qalan məktubları. da gətirsinlər. Ş a h T ə h m a s (Heydərə). Dahadamı var? H e y d ə r x a n. Qibleyi-aləm! Qeyri məktublar o qədər lazımlı olmadığına görə saxlamamışam. Ş a h T ə h m a s. Əhvalat fikrindədir, ya yox? Nə yazılmışdı? H e y d ə r x a n. Bir qəribə və lazımlı söz yox idi, o barədə kərratla qibleyi-aləmə ərz etmişəm və məxfi edəcəyəm. N a d i r (acıqlı). Qibleyi-aləmdən çox təvəqqe olunur ki, qalan məktubları harada olsa Heydər xan tapsın; ikinci, mən dövlət və millət yolunda qılınc vuram, necə ola bilər ki, dövlətin məndən gizlin sözü ola vəhalonki cəmi qoşun hamısı mənə tabedir: öl dəsəm ölərlər, qal desəm qalarlar.... Ş a h T ə h m a s. Nadir! Özünə çox ümid edirsən, yaman fikirləri başından daşla! Yoxsa ... başından özgə bir xəyallar keçir? Hə? N a d i r. Şahım! Fikrimdə vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-aləm! Bunu gərəkdir fikrinizdən unutmayasınız ki, mənim xüsusi düşmənlərim çoxdur, gözləri görüb xain olan ürəkləri qəbul etmir ki, mən quldurluqdan qibleyi-aləmin mərhəməti ilə gəlib bu şan və şövkətə çatam. Xülasə.... (Fikirdə.) Məlum olur ki, mən qibleyi-aləmin buyurmağına görə, özgə fikirlərə düşmüşəm. Bəli.... Hərgah mənim ... o fikirlərim qibleyi-aləmə naxoşdur, buyursun bu saat başımı vursunlar; ancaq təvəqqe edirəm hamı məktubları tapdırıb oxuyasınız, o vaxt yəqin edərsiniz, mən qibleyi-aləmin hüzurunda nəinki tənbehə və bəlkə böyük olan mənsəbə layiq olam.... Bu biçarə sərkərdələr və qoşun aslan kimi dava edib, cəmi Xorasan və Əfqanıstan mahallarını zəlzələyə gətirib xanlarını əsir, yerlərini tar-mar ediblər. Bunlar göstərən qeyrətin əcri budurmu? Bu binəvalar şad-xürrəm gələrkən fikir edirdilər: "Şahımız bizə mərhəmət və ənam edəcəkdir", fəqət.... (Fikrə gedir.) Ş a h T ə h m a s (hirsli). Mənə nəsihət etmə! (Başını əli ilə tutub fikrə gedir və əli ilə işarə edir ki, çıxsınlar. Nadir xan və qeyriləri çıxırlar. Tək.) Ürəyimizi şad edəcəkdir! Ənam edəcəkdir! Yaxşı şad edərəm! Dünənki quldur mənə nəsihət edir. Xeyr, görünür, bir şey var, Heydər deyən söz gərəkdir doğru ola. İnsan belə olurmuş. Bir az ki, əlinə ixtiyar verərsən, özünü itirər. (Fikir.) Yox, bu işi belə qoymaq olmaz, vaxtkən çarə qılmaq.... (Fikir.) Nə etmək? Kimdən bilmək ki, həqiqət, Nadir padşahlıq fikrinə düşübdür. Heydərin sözünə çox da inanmaq olmaz. (Fikir). Tapdım.... Mirzə Mehdi Nadirin ən müqərrib adamıdır, onun həp bir gizlin fikri olarsa bilər.... Tələb edərəm. Qorxusundan hər nə varsa, açıb deyər. (Qapıdakı fərraşa). Heydər xanı buraya çağır. (Fikirdə.) DÖRDÜNCÜ GƏLİŞ H e y d ə r x a n (daxil olur). Qibleyi-aləm! Buyuruğunuz? Ş a h T ə h m a s. Heydər! Bu saat Mehdini buraya çağırt. H e y d ə r x a n. Qibleyi-aləm sağ olsun, Mirzə Mehdini? Ş a h Təhmas. Mirzə Mehdini! Mirzə Mehdini! Mənə lazımdır. Nadir onsuz heç yerə getməz və ondan bir şey gizlətməz. Bir-birinə məhəbbətləri çoxdur. H e y d ə r x a n. Təəccüb! Qibleyi-aləmin hüzurunda elə adamların nə işi gərəkdir ola? Ş a h T ə h m a s. Heydər, elə demə, Mehdi ağıllı adamdır. Yaxşı qələmi var, mən istəyirəm məxsus Nadirin barəsində onunla söhbət edəm. H e y d ə r x a n. Bəçeşm! (Çıxır.) Ş a h T ə h m a s. Mehdini qorxutmaq gərəkdir, yoxsa Nadirin pünhan işlərini açmaz; Nadiri o çox istəyir. (Fikrə.) Bəli, qorxu başa bəladır, onu zindana saldırram. (Fikrə.) Yox.... Əvvəl xoşluqla, hərgah xoşluqla olmadı, onda güc ilə dedirdərəm. BEŞİNCİ GƏLİŞ H e y d ə r x a n (daxil olur). Qibleyi-aləm sağ olsun! Mehdi gəlibdir. Ş a h T ə h m a s. De gəlsin. (Heydər çıxır.) ALTINCI GƏLİŞ M i r z ə M e h d i x a n. Salaməleyküm! Ş a h T ə h m a s. Mehdi! Əyləş! (Mirzə Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Təhmas Heydər xana işarə edir ki, çıxsın.) Mehdi! Qələmin yaxşı olmağa görə istəyirəm sənə bir böyük mənsəb verəm, ancaq gərəkdir sidqi-ürəklə dövlətə qulluq edəsən. M i r z ə M e h d i x a n (baş əyib). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Ancaq qibleyi-aləm sağ olsun! Böyük mənsəbə mən özümü layiq bilmirəm. Ş a h T ə h m a s. Ümidvaram ki, qələmin gücü ilə dövlətə çox mənfəət gətirəsən, dövlətə və millətə zərər olan şeyləri təxirsiz bildirəsən ki, vaxtında bəlanın əlacını tapmaq. (Mirzə Mehdi xan fikirdə.) Nə üçün fikrə getdin? Anlamayırsanmı? M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Həqiqət, anlamıram. Ş a h T ə h m a s. Anlamayırsan? Məsələn, bir şəxs padşahın canına qəsd edə, belə bir əhvalatı lazım gəlirmi xəbər edəsən? M i r z ə M e h d i x a n. Əlbəttə! Ş a h T ə h m a s. Bəs de görüm, Nadirin tərəfindən bir şey eşitməyibsənmi? M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm! Ş a h T ə h m a s. Bəlkə məqami-dostluqda sənə demiş ola ki, guya fikrindən padşahlıq keçir. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Neçə ildir mən onunla bir yerdə oluram, hər bir sirri və pünhan sözü olubsa, məndən gizlətməyibdir, həməvaxt felindək və qövlindən səltənətiniz payidar olmağı və qibleyi-aləmə artıq dərəcədə məhəbbəti aşkar görünür. Həqiqət, dava məqamında şir kimi şəmşir əlində hamıdan qabaq düşmən müqabilinə gedibdir. Padşahını sevməyən şəxs də bu tövr edərmi? Ş a h T ə h m a s. Bəs görükür heç bir şey eşitməyibsən? M i r z ə M e h d i x a n. Heç! Ş a h T ə h m a s (hirsli). Səni zindana salandan sonra hamısını deyərsən.... Get, amma bir adama bizim söhbətimizi deyibsən, özünü ölmüş bil! (Baş əyib gedir.) Ş a h T ə h m a s (fikirdə). Bəlkə Heydər səhvdir, ağlım kəsmir ki, Nadirdə belə cürət ola. Hərgah bu fikrə düşmüş olsa da, bu tezlikdə aşkara çıxarmaz. (Fikrə gedib başını əli ilə tutur.) YEDDİNCİ GƏLİŞ H e y d ə r x a n (yavaş-yavaş daxil olur). Qibleyi-aləm! Nə üz veribdir? Ş a h T ə h m a s (başını qaldırıb). Sənsən? Heydər, mən fikrimi sənin barəndə dəyişdirdim. Dövlət işlərində səndən mənə müqərrib adam yoxdur, özün görürsən sənə nə qədər mərhəmətim keçir, cəmi dövlətin ixtiyarını vermişəm sənə. Bununla belə, işdən belə məlum olur ki, sən istəyirsən Nadir kimi adamı mənə düşmən edəsən . Deyirsən, guya Nadir istəyir padşahlığı əlimdən alsın, taxtda özü əyləşsin. Mənim heç dəlilim yoxdur. Mirzə Mehdi ki, ona müqərrib adamların biridir, söyləyir, Nadir mənim yolumda baş qoymağa hazırdır. Və bir də qeyri məktublar ki, Nadir işarə edir, məni təşvişə salıbdır. Hanı o məktublar? H e y d ə r x a n. Qibleyi-aləm! O məktubların məzmununu siz bilirsiniz, haman məktublarda yazılan əhvalat Əfqanıstan barəsindədir.... Bundan qeyri bir əhvalat yoxdur. O ki qaldı Nadirin əminliyinə ... şəkkim çoxdur.... Qibleyi-aləm! Sizinlə söhbət edəndə diqqət etdinizmi, dedi: qoşunlar və sərkərdələr hamısı mənə tabedir.... Bu nə sözdür? İşarə deyilmi? (Şah Təhmas fikrə gedir.) Ş a h T ə h m a s. Bəs Nadirin xain olmağını, görükür, sən yəqin edibsən? H e y d ə r x a n. Yəqin, mənə gün kimi aşkardır. Mənim məsləhətimə görə Nadiri gərəkdir bu gün zindana salalar, tainki əlaqəsi heç kimsə ilə olmasın. Çünki bu xəbərləri eşitsə, həm qoşunu və həm sərkərdələri təhrik edər ki, qibleyi-aləmin üzünə ağ olsunlar.... (Şah Təhmas fikrə gedir, Heydər xan qoynundan kağız çıxarır, Şah Təhmas kağızı görür.) Ş a h T ə h m a s. Bu saat buyruq verərsən onu həbs etsinlər. (Bərkdən.) Bu saat! O nə kağızdır? H e y d ə r x a n. Qibleyi-aləm! Bu gün gəlibdir. Osmanlı dövləti bizim şərtnaməmizə cavab yazıbdır. Ş a h T ə h m a s. Nə yazıbdır? H e y d ə r x a n. Yazır ki, gərək biz Ərəs çayının sağ tərəfini onlara verək.... Ş a h T ə h m a s (fikirdə). Sağ tərəfini.... Xeyr, elə şey ola bilməz! H e y d ə r x a n. Əlbəttə, belə şey ola bilməz, amma.... Ş a h T ə h m a s (acıqlı). Necə amma? H e y d ə r x a n. Çarəmiz yoxdur, gərək razı olaq. Ş a h T ə h m a s. Necə çarəmiz yoxdur? Nə üçün gərək razı olaq? H e y d ə r x a n. Qibleyi-aləm! Osmanlının müqabilinə çıxmaq üçün əqəllən gərək 20.000 qoşunumuz ola. Bu qədər qoşunu keçən davalardan sonra yığmaqmı olar? Ş a h T ə h m a s (başını əli ilə tutur və bir az fikirdən sonra). Yox.... Mən səhv etmişəm. Bu saat gedib Nadiri çağırarsan buraya. Əvvəlki buyruğumu ki, həbsə salsınlar, əlbəttə, deməzsən. Mən görürəm onsuz bu iş başa gəlməz. Bu saat gərəkdir onu hüzuruma gətirəsiniz və Cəfər xan, Mehdi xan burada olsunlar. H e y d ə r x a n. Qibleyi-aləm! Ş a h T ə h m a s. Durma, buyurduğuma əməl et! (Heydər xan çıxır.) Nadir bu halda dövlətin müşkül işlərində gərəkdir, ah... Nə yaman halətdir! (Fikirdə.) Nə üçün mən Heydərə inanıb Nadiri özümə düşmən edirəm? Yox, tamamdır! Bu gündən Heydərə çox ümid etməmək. SƏKKİZİNCİ GƏLİŞ R z a x a n. Qibleyi-aləm! Bu saat xəbər gəlibdir ki, Osmanlı İrəvandan keçib 30.000 qoşunla bizim torpağa ayaq qoyubdur. Ş a h T ə h m a s. Elə şey ola bilməz. Ancaq bu xəbər vardır ki, bizim şərtnaməni qəbul etməyib istəyir ki, Ərəs çayının sağ tərəfini onlara verək. R z a x a n. Qibleyi-aləm! Bu xəbəri yəqin bilib qulluğnuza gəlmişəm, yoxsa cürət etməzdim. Ş a h T ə h m a s. Bəs Heydər görükür, səhvdir. Ah ... xain.... Ah ... bədbəxt Heydər! Bu saat onu çağırarsan, görüm bu əhvalatları nə üçün gizlədir? (Rza xan istəyir çıxsın. Nadir xan, Heydər xan, Məhəmməd xan, Cəfər xan daxil olurlar.) Ş a h T ə h m a s (Nadirə). Mən sənin təqsirindən keçib əvvəlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xəyalatdan qayıdıb sədaqətdə xidmət edəsən. Bu saat Rza xan bir qəmgin xəbər gətiribdir, guya Osmanlı bizim yerlərə ayar qoyubdur. Ona görə vaxtı fövt etməyib Rza xanı, Məhəmməd xanı və Cəfər xanı köməkçi götürüb kedərsən düşmənin müqabilinə! N a d i r (əvvəl yavaş səc ilə, sonra getdikcə səsini ucaldır). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Bu vaxtadək sidqi-qəlblə dövlət və millətə qulluq etmişəm: vətənimizi düşmənlərdən xilas etmişəm. Xorasandan sonra qibleyi-aləmin xəbəri olmaya-olmaya əfqanların üstünə getmişəm, yerlərini alıb özlərini dağa-daşa salıb vaxtında şahıma xəbər etmişəm. Amma bu qulluqlarımın əvəzində qibleyi-aləmin tərəfindən nəinki böyük mərtəbəyə və hətta bir xoş nəzərə də layiq olmamışam. Mən heç! Amma qoşun, qoşun üçün padşahımın "mərhəba" səsi qüvvəti-qəlb və böyük səadətdir.. Dövlətə bugünədək mən xəyanət etməmişəm, bununla belə, qibleyi-aləm! Bir saat bundan əqdəm, necə ki, eşitdim, buyruq vermişsiniz məni həbsə salsınlar.... Çox təəccüb! Çox təəccüb! Səbəb? Səbəb? İnsanın biinsaf, biqeyrətliyi və paxıllığı! Bilirəm, hamısını bilirəm, fəqət qibleyi-aləm! Özümə cürət edib deyirəm: həmişə padşah ilə millətin arasında olan pərdə dövlətin viran olmağına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki,həm padşahı və həm də milləti qaranlıqda saxlar. Nə padşahın millətdən və nə millətin padşahdan xəbəri olmaz. Millətin zülmdən ah və nalə səsini padşah eşidərsə, vəzirlər deyərlər: qibleyi-aləm! Səni millət alqışlayır, alqışlayır.... Ağılsız, fərasətsiz öz vəzifəsini anlamayan padşah bu sözlərə inanar, inanıb da zavallı millətin daima göz yaşına və axırda vətənin puç olmağına səbəb olar. İndi, həzərat! Bir padşah ki, dövləti və milləti tapşıra biinsaf, bimərifət şəxslərə (baxır Heydər xana və səsini ucaldır), bir padşah ki, canfişan olan qoşunun və sərkərdənin qədr-qiymətini bilməyə (üzünü xanlara) tac və səltənətə layiq deyil. Hərgah istəyirsiniz vətənimiz hər fəsaddan xali və asudə ola gərəkdir belə padşah səltənətdən xaric olsun.... C ə f ə r x a n, R z a x a n, M ə h ə m m ə d x a n (hamı qılınclarını siyirib). Doğru buyurursunuz.... Nadir şah cağ olsun! Nadir şah sağ olsun! (Şah Təhmas və Heydər xan özlərini itirirlər və dilləri tutulur.) PƏRDƏ * * * Dördüncü məclis Vaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır. M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən Nadir heyfa ki, tez qocaldı. İndi düz qırx altı yaşı var. Bununla baxanda altmış sinnində qocaya oxşayır. Ay zəmanə! Kim deyərdi Nadir belə tez davadan əl çəkər? Hazır dava adı gələndə özgələrini göndərir, axırıncı Dağıstan davasından sonra çox təğyir tapıbdır. Doğru deyirlər: "Söz qılıncdan kəskin olar"; həqiqət elədir! Nainsaf şəxslərin sözləri, biqeyrət, müftəxor xanların büxlü həsədləri Nadirə çox təsir edibdir. Heydər xan cəzasına çatdı. Çəfər xan, Rza xan, Məhəmməd xan -- dövlətin əvvəlinci adamları şahiddirlər ki, Nadir taxtdan baş qaçırtdı, amma indi haman bu şəxslər Nadirin barəsində qeyri sözlər danışırlar. Deyirlər, guya Nadir Səfəvi nəslinin əlindən səltənəti güc ilə aldı.... Xülasə, bu axır vaxt Nadirin əhvalı xeyli pərişandır, bir boş söz ilə halətindən çıxır. Gör iş nə yerə çatıbdır ki, mənimlə də hirsli danışır, vəhalonki mənim xatirimi çox istərdi. Kim bilir, bəlkə məndən də söz düzəldib deyiblər. (Fikir. Qapıya tərəf gəlib baxır.) Heyhat! Bundan müqəddəm sübh saat beşdə, altıda işə məşğul olardı, amma indi saat ondur, bu vaxtadək gəlməyir. (Qapıdan baxır.) Yox, gəlir. (Mirzə Mehdi kağızlarını götürür, Nadir əlində ağac şah paltarında hirsli, yavaş-yavaş daxil olur.) ƏVVƏLİNCİ GƏLİŞ N a d i r ş a h (ətrafına nəzər yetirir.) Mirzə, Dağıstan davasını yazıb qurtarıbsanmı? M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm, qurtarmağa az qalıbdır. N a d i r ş a h. Neçə günə tamam olar? M i r z ə M e h d i x a n. Qibleyi-aləm, on günün ərzində qurtararam. N a d i r ş a h (hirsli). Yaz, yaz tez qurtar, mənə lazımsan! (Fikir.) M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Nə barədə? N a d i r ş a h. Bir neçə daxiliyyə işlər var, bir neçə qanunlar var. İstəyirəm yazasan. (Fikir.) Əvvəla, fikrim budur ki, iki düşməni barışdıram. (Mirzəyə diqqətlə baxır.) M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun, anlamıram! N a d i r ş a h (acıqlı). Hə! Hə! Əlbəttə, adam demirəm: iki düşmən, yəni iki məzhəb. (Mirzə fikrə gedir.) Nə üçün fikrə getdin, yoxsa yenə başa düşmürsən? M i r z ə M e h d i x a n. Bəli, qibleyi-aləm! İndi başa düşdüm. N a d i r. Doğrusu, şiə, sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə. Nə səbəbə, mənfəəti nədir? Onlarısonra deyərəm. M i r z ə M e h d i x a n. Doğrudur, qibleyi-aləmin əlində. hər bir şey asandır. Amma.... Bu iki məzhəbin birləşməyi çətindir. N a d i r ş a h. Mənim əlimdə heç bir şey çətin deyil.. İnşaallah, hərgah allah yar olursa, məqsudimə çataram. Dünən Rza xanı göndərdim Axund Molla Əli Əkbərin yanına ki, indidən başlasın xalqa nəsihət etməyə. Bu gün gərək cavab gətirə. Vaxta ki, burada xalq hazır oldu, onda Osmanlıya yazmalıyam, tainki şərt-şürutlarını mənə məlum edələr. M i r z ə M e h d i x a n. Allah xeyir versin! N a d i r ş a h. İkinci fikrim budur: gərəkdir İncil bizim dilə tərcümə oluna. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! O nə üçün? N a d i r ş a h. Dövlətin mənfəəti üçün. Hər padşaha lazım gəlir qeyri tayfanın dinini bilsin, tainki qeyri tayfa ilə dininə müvafiq rəftar olunsun. M i r z ə M e h d i x a n. Bəli, qibleyi-aləm! Fikriniz gözəl bir fikirdir. N a d i r ş a h. Üçüncü fikrim: mollaların ixtiyarlarını azaltmaq.... Hesab etmişəm, bir ildə məscidlərdən yeddi milyon manat mənfəət alınır. Heç bilirsən kimlər məsrəf edirlər? M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm! N a d i r ş a h. Mollalar və axundlar! Bu pul gərəkdir dövlətin xəzinəsinə yığılsın, zira ki, xəzinədə pul olmasa qoşun saxlamaq olmaz, qoşun olmazsa vətən saxlamaq olmaz. Vətən gedərsə məscid də olmaz və bəlkə din də əldən gedər. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Bəs mollalar nə ilə dolanacaq etsinlər? N a d i r ş a h. Əvvəla, bu qanundan sonra hər bir tənbəl mollalığa qaçmaz. İkinci, mollalığa layiq olan şəxslərə, dinə rəvac verən üləmalara, islamın qeyrətini çəkən axundlara məvacib təyin edəcəyəm.... Əsil mətləb budur ki, mollanı öz ixtiyarına qoymamaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, ol dövlətdə tərəqqi olmaz.... Çünki bir neçə səbəblərə görə molla qismi həmişə çalışar ki, xalq qaranlıqda yaşasın.... Daha doğrusu, dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq gərəkdir.... (Fikir.) Dördüncü fikrim budur: gərəkdir mənim padşahlığımda fəqir və sail tapılmaya, məgərinki əlsiz-ayaqsızlardan başqa. Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmağına ehtimal var.... Xülasə, bu minval başımda çox fikirlər var.... (Fikrə gedir.) Ümidvaram ki, bunlar hamısı düzələ.... Bu gün Rza xanı gözlüyürəm axunddan cavab gətirsin, gərək ki, gələn odur. (Rza xan daxil olur.) İKİNCİ GƏLİŞ N a d i r ş a h. Rza xan! Necə oldu? R z a x a n. Qibleyi-aləm, fikrinizin hamısını bəyan etdim, lakin.... N a d i r ş a h (acıqlı). Necə lakin? Hə, de görüm! R z a x a n. Qibleyi-aləmin gözəl fikirləri axunda xoş gəlmədi.... N a d i r ş a h. Xoş gəlmədi? Mən istəmirəm özünü buraya çağırtdırım, tainki mənim yanımda qorxusundan bəli deyib, gedəndə yenə öz bildiyini edə. İndi ki, belə oldu (ağacı yerə vurur), bu saat de görüm, nə üçün xoş gəlməyir? R z a x a n. Qibleyi-aləm! Deyir mən əvamünnasdan qorxuram, bir söz bu barədə danışsam, evimi qarət edərlər. N a d i r ş a h. Ay biçarə, canından qorxmur, evindən qorxur. İndi ki, belə oldu (hirsli), bu saat gedib buyruq verərsən başını kəssinlər. Dinə rəxnə olan mollaların pərəstarı olan Süleyman xanı həbsə salsınlar.... (Hirslənib ayağa durur, hirsindən danışa bilmir, ağacı yerə vurur.) Durma, bu saat padşah buyuruğuna əməl et.... (Rza xan çıxır.) Mirzə, bu saat sultana kağız yaz ki, mən xahiş edirəm ümum xeyirdən ötəri iki məzhəb birləşə, eşitdin? (Ağacı yerə vurur.) Mən göstərərəm o məlun müftəxorlara. M i r z ə M e h d i x a n. Bəçeşm! (Nadir şah çıxır.) Bəli, az düşmən vardı, indi də mollalar. Bunların qabağında dayanmaqmı olar? Bundan müqəddəm genə məndən söz eşidərdi, amma indi artıq söz danışmaq olmayır. İnsafən, başındakı fikirlər nə gözəl fikirlərdir, nə gözəl qanunlardır! Bunlar hamısı dinpərəst və millətpərəstlik nişanəsidir, amma heyfa, anlamayırlar. (Cəfər xan içəri daxil olur.) ÜÇÜNCÜ GƏLİŞ C ə f ə r x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah buyruq veribdir Molla Əli Əkbərin boynunu vursunlar. M i r z ə M e h d i x a n. Bəli, xan, doğrudur. C ə f ə r x a n. Səbəb? M i r z ə M e h d i x a n. Bir neçə sifariş göndərmişdi, əməl etmək istəməyir. C ə f ə r x a n. Necə? Nə sifariş? M i r z ə M e h d i x a n. Rza xandan sual ediniz, sizə hamısını nəql edər. Çünki işin içində odur. C ə f ə r x a n. Bu iş yaxşı olmadı. Mollaları özünə gərək düşmən etməyə idi.... (Fikir.) M i r z ə M e h d i x a n. Fikir edirsən, görürsən haqq deyir. Bunun sözü budur ki, dinə rəxnə salmasınlar. Bunun çalışdığı odur ki, islam qüvvətlənsin, millət ayılsın, vətən tərəqqi etsin. Nə etməli? Bu bir tərəfdən işi düzəldirsə, xanlardan bir neçəsi pozur. Məsələn, buyruq veribdir ki, Süleyman xanı həbsə salsınlar. Çünki bir neçə müftəxorları padşahın üzünə durquzur. C ə f ə r x a n. Allahu-əkbər! Nə yaman iş oldu. Tərs kimi də bu gün şikara çağırıbdır, gərək gedək. Bunun bu halətində şikara gedərsən, gərək hər qədəminə diqqət edəsən. Allah elə edəydi ki, şikara getməyə idi. M i r z ə M e h d i x a n. Olsun ki, bu gün şikara getməyə, çünki ovqatı nəhayətdə təlxdir. C ə f ə r x a n. Xeyr, necə ovqatı təlx olmuş olsa, dediyi söz fikrindən çıxmaz. Yaxşısı budur ki, mən gedim, bəlkə məni görməsə şikar fikrinə düşməyə. (İstəyir çıxsın, Nadir şah rast gəlir.) DÖRDÜNCÜ GƏLİŞ N a d i r ş a h. Cəfər, hara gedirsən? C ə f ə r x a n (qorxa-qorxa). Heç, qibleyi-aləm. N a d i r ş a h (hirsli). Necə ki, heç? Hara gedirdin? C ə f ə r x a n. İstədim fərraşdan xəbər alam qibleyi-aləm bu gün şikara təşrif aparacaqdır, ya yox? N a d i r ş a h. Əlbəttə! Əlbəttə! (Mirzə Mehdi xana.) De, hazırlaşsınlar. (Mirzə Mehdi xan çıxır. Cəfər xana.) Bu gün şikar gərək yaxşı olsun. C ə f ə r x a n. Bəli, qibleyi-aləm! N a d i r ş a h. Səbəb? C ə f ə r x a n. Qibleyi-aləm buyurur. N a d i r ş a h (rişxənd). Qibleyi-aləm buyurur! Hər işdə mən dediyimə qulaq assanız çox yaxşı olardı, Məsələn, Süleyman xana kərratla demişəm ki, sən dövlətə qulluq etməkdənsə, gedib bir para adamlar ilə əbəs yerə vaxtını keçirirsən. Xeyr, mənim dediyim sözlər havaya gedir. Zərər yoxdur, indi bəlkə düşünə. (Acıqlı.) BEŞİNCİ GƏLİŞ Mirzə Mehdi xan gəlir. M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun! Şikara hazırdırlar. N a d i r ş a h. Gedək. (Mirzə Mehdi xana.) Mirzə! Sən işində ol. Dediyim məktubu yazarsan. (Nadir şah və Cəfər xan çıxırlar.) M i r z ə M e h d i x a n (tək). Lazımdır məktubu bu saat qurtaram, qəribə insandır! Başı necə qarışıq, fikri necə dağınıq olsa da, genə dediyi söz fikrindən çıxmır. (Yazır və hərdənbir qələmi saxlayıb fikrə gedir.) İşlərin belə qarışıq vaxtında çox müşküldür ki, bu başa gələ. Görək allah nə istəyibdir. (Yazır.) İki məzhəbin birləşməyi həqiqət gözəl, yaxşı bir fikirdir. Çünki ədavət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. (Yazır.) Mollalara məvacib kəsmək də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və aşkara millətin, vətənin, dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. (Yazır.) O gün mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm.... Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. (Fikrə gedib yazır.) Bəli, fikir etdikcə görürsən insafən ağıllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur.... ALTINCI GƏLİŞ Məhəmməd xan tələsmiş içəri daxil olur. M ə h ə m m ə d x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah şikara gedərkən atıblar. M i r z ə M e h d i x a n (əlindən qələmi salıb durur). Nə buyurursunuz xan? Elə şey ola bilməz. İndi bu saat getdilər. M ə h ə m m ə d x a n. Bəli, indi bu saat şəhərə qovğa düşübdür. Hətta deyirlər.... (Fikir.) M i r z ə M e h d i x a n. Hə.... Nə deyirlər? Yoxsa vəfat edibdir? Hə? M ə h ə m m ə d x a n. Bəli, bir elə şey danışırlar. M i r z ə M e h d i x a n. Vay! Vay! İranın gülü soldu, günü batdı, bəxti qaraldı. (Bilmir nə etsin.) M ə h ə m m ə d x a n. Xan! Özünüzü əbəs yerə həlak etməyiniz. Bəlkə də bu xəbərin əsli olmasın, amma onu yəqin bilirdim ki, bu iş yavuqda olacaqdır.... M i r z ə M e h d i x a n (hirsli baxır). A! Bəs görükür siz bilirdiniz.... (Bu vaxt bayırda qilu-qal düşür. Nadiri qolundan tutub gətirirlər. Məhəmməd xan qeyri qapıdan çıxır.) YEDDİNCİ GƏLİŞ Nadir şah, Rza xan, Cəfər xan, Rzaqulu xan, Mirzə Mehdi xan. Nadirin bir qolu yaralı, səndəlin üstə əyləşdirirlər. N a d i r ş a h. O bədbəxt atanı heç kəs görmədi? C ə f ə r x a n. Qibleyi-aləm! Vəliəhd meşəyə buyurmuşdu, ancaq bir əsər tapmayıbdır. N a d i r ş a h. Çağırın! R z a x a n. Qibleyi-aləm! Burdadır! (Rzaqulu xan əllərini döşunə qoyub Nadirin qabağında durur.) N a d i r ş a h (diqqətlə baxır). Oğul! Bir əsər tapmadın? Bir insan görmədin? R z a q u l u x a n. Xeyr, şah baba! N a d i r ş a h. Çox təəccüb! Bu saat gərəkdir o bədbəxti tapasınız. (hirsli xanlara baxır.) Durmayın! (Rza xan, Cəfdr xan və Rzaqulu xan çıxırlar. Mirzə Mehdi xan mat durur.) N a d i r ş a h (Mirzə Mehdi xana). Mirzə! Görürsən mənimlə nə tövr rəftar edirlər? M i r z ə M e h d i x a n. Görürəm, qibleyi-aləm! Görürəm. Sizdən sonra İranın halını nəzərimə gətirirəm.... N a d i r ş a h. Yaxşı ki, atan bədbəxt rəhmliymiş. Güllə ancaq qolumdan dəyibdir. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Allah-taalanın İrana rəhmi varmış.... N a d i r ş a h. Hərgah bu üç nəfər tapmasa, yəqin ki, bu fitnə bunların tədbiridir. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Onların üçüncüsü vəliəhddir. N a d i r ş a h. Ah, Mirzə! Bu dünyada heç kəsə inanmaq olmaz. (Fikir.) Oğluma da mənim gümanım var. Çünki bir ay bundan müqəddəm bir neçə söz qulağıma yetişibdir. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Sizin təşrifinizdən bir az müqəddəm Məhəmməd xan burada idi. Onun sözlərindən məlum oldu ki, bu işdən xəbəri var. N a d i r ş a h. Məhəmməd xan? Hə, hə ... çağırt bu saat. (Mirzə Mehdi çıxır.) Bəli ... hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düçar edən padşah əcəlini millətdən gözləsin.... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülmdən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqərrib adamlarından gözləsin.... Mənim yəqinimdir ki, bu güllə millət gülləsi deyildir!... SƏKKİZİNCİ GƏLİŞ M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun, göndərdim çağırsınlar. N a d i r ş a h. Bəs nə deyirdi Məhəmməd? M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Çox üstüörtülü danışırdı. Ancaq bunu anladım ki, bu işdən onun xəbəri var. N a d i r ş a h. Çox əcəb! Bəs görükür onunçun şikara getməyibdir. (Məhəmməd xan varid olur.) DOQQUZUNCU GƏLİŞ M ə h ə m m ə d x a n (Nadir şahın qabağında durur). Qibleyi-aləm! Bu nə bədbəxtlikdir üz veribdir? N a d i r ş a h (rişxəndlə). Bəli, belə gərək olaymış.... Nə üçün bəs sən şikara mənimlə getmədin? M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Qızım can üstədi, mümkün olmadı. N a d i r ş a h. Bəs bir xəbər bilmirsənmi? M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Nə barədə? N a d i r ş a h (acıqlı). Necə nə barədə? Gözlərin görmürmü? M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Bir əhvalat eşitmişəm.... Amma.... N a d i r ş a h (hirsli). Nə bilirsən, de bu saat.... M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Vəliəhd gərək bu işi hamıdan yaxşı bilə.... N a d i r ş a h. Sənin sözündən belə məlum olur ki, bu, oğlumun fitnəsidir? M ə h ə m m ə d x a n. Bəli, qibleyi-aləm! N a d i r ş a h. Sübut? M ə h ə m m ə d x a n. Bir elə sübutum yoxdur, ancaq belə deyirlər. (Bu vaxt Rza xan, Cəfər xan içəri daxil olurlar.) ONUNCU GƏLİŞ N a d i r ş a h (üzünü Cəfər xapa). Necə oldu? C ə f ə r x a n. Qibleyi-aləm! Buradan çıxandan sonra vəliəhd bizə dedi ki, mən özüm gərək o bədbəxti axtaram tapam, başına bir neçə adam cəm edib şəhərdən kənara çıxdı. N a d i r ş a h. Hə ... Hə.... Tamah güc gətiribdir! (Acıqlı ayağa durur.) Daşı-daş üstə qoymaram, boynunuzu bir dəqiqədə vurduraram, İranı alt-üstünə döndərərəm.... Bu saat oğlumu qolubağlı bura gətirməsəniz. Durmayın! (Məhəmməd xan, Cəfər xan, Rza xan tez çıxırlar.) N a d i r ş a h (başını əli ilə tutub əyləşir və sonra Mirzəyə). Mirzə! Görürsən, düşmənim mənimlə bir evdə olur. Mənim sayəmdə dolanır, mən düşmənimi iraqda gəzirəm. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! İnanmayınız bu sözlərə, İranı bədbəxt etməyiniz. Hamı hiylə bu xanlardadır ki, vüzəra hesab olunurlar. Bunlar çox biinsaf xəlqdir. İnanmayınız, qibleyi-aləm! Vəliəhddən belə şeylər sadir olmaz.... N a d i r ş a h. Xeyr, daha şübhə yeri qalmadı. Onun gərək bu gün iki gözləri də çıxa və cəmi İran da rahat ola. M i r z ə M e h d i x a n. Qibleyi-aləm! İşi yəqin etməmiş vəliəhdi bədbəxt etməyiniz. N a d i r ş a h. İş mənə çoxdan yəqin olubdur, Mirzə! Əbəs yerə təvəqqe etmə! (Hirsli.) Gərək bu gün onun gözləri dünyanın işığına həsrət qala. Bu gündən mənim Rzaqulu adlı oğlum yoxdur, bu gündən İranın vəliəhdi yoxdur.... (Başını əli ilə tutub fikrə gedir. Dişqarıda qilü-qal səsi gəlir, Rzaqulu xanı qolları bağlı gətirirlər.) ON BİRİNCİ GƏLİŞ Rza xan, Məhəmməd xan, Cəfər xan, Rzaqulu xan. N a d i r ş a h (başını qaldırıb Rzaqulu xana). Bədbəxt oğlum, tamahkar oğlum, atandan artıqmı dövlətə, millətə qulluq edəcəkdin ki, bu fikirlərə düşdün? (Hirsli). Aparın bu saat bunun iki gözlərini də çıxardın. (Göstərir). Bu gözlər gərək onun üzünü görməyə, o gözlər dəxi bu dünyanın işığını! (Hirsli.) Aparın! R z a q u l u x a n. Şah baba! Mənim gözlərimin qiyməti heç, amma İranı gözsüz qoyursan.... Aparın məni! Padşahın buyuruğuna əməl ediniz. İşin həqiqəti sonra məlum olar. (Üzünü xanlara.) İranın evi o vaxt yıxıldı ki, sizin kimi şəxsləri ümərayi-dövlət təyin etdilər. Aparın! (Çıxır və dalınca xanlar.) N a d i r ş a h (səndəlin üstə yıxılıb başını əli ilə tutur). Pərvərdigara! Nə halətdir!.... (Ürəyini əli ilə tutu r.)Of ... ürəyim döyünür. M i r z ə M e h d i x a n (yıxılır Nadir şahın ayaqlarına). Qibleyi-aləm! Neçə ildir qulluq edirəm. Bu vaxtadək bir təvəqqem olmuyubdur ki, qəbul etməyəsiniz. Axırıncı təvəqqemdir, vəliəhdi bədbəxt etməyiniz. N a d i r ş a h (hirsli). İtil gözümdən, sən də onunla dilbir olubsan? (Mirzə Mehdi xan yavaş durur gedir.) ON İKİNCİ GƏLİŞ G ü l c a h a n (tez gəlib Nadir şahın ayağına döşənir. Ağlaya-ağlaya). Qibleyi-aləm! Səni and verirəm o şeyə ki canını onun yolunda çürüdübsən, yazığın gəlsin mənim balama, məni axirətədək gözü yaşlı qoyma, Nadir! (Ağlayır.) 20 il ondan ötərimi bəsləmişdim? (Ağlayır. Nadir şah başını əli ilə tutur.) Nadir, evimi yıxma. Buyur mənim gözlərimi çıxartsınlar, balamda təqsir yoxdur. (Ayağını qucaqlayıb ağlayır.) N a d i r ş a h. Olmaz. Belə gərək olsun, dövlətə xəyanət edən gərəkdir cəzasına çatsın.... G ü l c a h a n (yalvarır). Nadir! Buyur iki saat kgzləsinlər, taki o çıxan gözləri doyunca öpüm. Allahı sevirsən, mənim göz yaşıma rəhm et! (Ağlayır). Sən İranın adil bir padşahı, mən İranın bədbəxt analarından biri, iş təhqiq olunmağını tələb edirəm.... Buna da ixtiyarım yoxmu? N a d i r ş a h (bar az baxıb bərkdən). Dur get! (Qolundan tutub yıxır.) G ü l c a h a n (bərkdən). Ay!.... (Qəşş edib yıxılır.) PƏRDƏ BEŞİNCİ MƏCLİSİN MABƏDİ ƏVVƏLİNCİ GƏLİŞ Rəxtxab. M i r z ə M e h d i x a n. Pərvərdigara! Nə yaman və dəhşətli vaqiədir! Bundan sonra İran dəxi düzəlməz. Şah bu gün-sabah ağlını itirər, dövlət düşəcəkdir biqeyrət xanların əllərinə.... Kim bilir, nə olacaqdır. Biçarə Rzaqulu xanı zalım uşağı nahaq yerə bədbəxt etdilər. Dünən şah çağırıb mənə deyir: Mirzə, bir səhvdir etmişəm. Cəmi dünya qana batsa, o səhvi düzəltmək olmaz, iş aşkar olubdur. Rzaqulu xanın bu işlərdən bilmərrə xəbəri yox imiş. Bu fəsadlar tamam xanlardan üz veribdir.... İKİNCİ GƏLİŞ N a d i r ş a h (əlində ağac, beli bükülmüş, yavaş-yavaş gəlir.) Mirzə! Necə ki, dünən eşitdin elədir, nainsaf uşağı mənim balamı nahaq yerə gözsüz qoydular. (Ağlayır.) Mən evi yıxılmış, mən, ağlını itirmiş binamusların sözlərinə qulaq asıb, onlara inanıb həqiqət, İranı gözsüz qoydum. (Ağlayır.) M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Səbir etmək lazımdır, təqsirkar öz cəzasına çatar. N a d i r ş a h. İş-işdən keçibdir, dünya başıma təng olubdur. (Başını tutur.) M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Bu fəsadları törədən bəs məlum deyilmi? N a d i r ş a h. Birdirmi? İkidirmi? Düz əlli nəfər sözlərini bir ediblər ki, məndən sonra İranın taxtı Rzaquluya təslim olmasın.... Bəli, məqsudlarına çatdılar. M i r z ə M e h d i x a n. Adları məlumdurmu, qibleyi-aləm? N a d i r ş a h. Əlbəttə, məlumdur. Bu gün cəzalarına çatarlar. Əlli nəfərin də başları gərəkdir kəsilsin. (Taxta əyləşir. Başını tutub Mirzə Mehdi xana yavaşdan.) Get, mən bir az rahat olum.... (Uzanıb.) Yox, rahat ola bilmirəm. (Ürəyini tutur.) Of!.... Nə halətdir, pərvərdigara! Gözlərim torlanır. (Birdən qorxub durur, guya gözünə adam görükür.) Kimsən? Hə? Qatildir! (Geri çəkilir.) Məni.... Məni öldürmək istəyir, hə? Yox... yox.... (başını tutur.) Pərvərdigara! Ölüm mənə vacibdir. (Dizi üstə durur.) Ancaq istəyirəm göz yaşım ilə günahlarımın minindən birini təmizləyim. Mən gərək ağlayam, qanlı yaşlar tökəm, oğlum təki kor olam, ondan sonra əmr özünündür. Mənim naləmdən yer-göy gərəkdir mələyə, ondan sonra ixtiyar sənindir. Mən gərək yaman-yaman dərdlərə mübtəla olam.... (Ağlayır.) Ağla, gözlərim, ağla! Dünyanın işığına oğlum kimi gərəkdir həsrət qalam. (Başını iki əli ilə tutub aşağı baxır, ağlayır.) ÜÇÜNCÜ GƏLİŞ G ü l c a h a n (əli qoynunda, qara paltarda yavaş-yavaş gəlir). Nadir? Nə səbəbə belə edirsən? (Nadir şah səs vermir, Gülcahan yavuğa gedir.) Nadir! Nə olubdur? (Nadir durur.) N a d i r ş a h. Heç. (Başı aşağı.) Gülcahan, doğrusu, üzünə baxa bilmirəm, təqsirim çoxdur. Əlindən nahaq yerə balanı almışam. (Əlindən tutur.) Bağışla məni, bağışla! Səni and verirəm oğlumun tökülən gözlərinə. (Qucaqlaşıb ağlayırlar.) G ü l c a h a n. Ah, Nadir, Nadir! Ana olsaydın bilərdin mən nə çəkirəm. Nə etmək, hərdən baxanda ürəyim od tutub yanır.... Qiyamətədək yanacağam.... (Ağlayır. Dişqarıda səs gəlir. Nadir şah qapıya tərəf gedir.) N a d i r ş a h. Nə var? (Qapıdan çıxır.) Yaxşı, bir az səbir etsinlər. (Gülcahana.) Rzaqulunun yoldaşlarıdır. Gəliblər görməyə, gedək o biri otağa, oğlum bura gələndə mən onu görməyim. G ü l c a h a n. Nadir! Bədbəxti özünə həsrət qoyma. Neçə dəfə deyibdir məni apar şah babamın yanına. N a d i r ş a h. Yox, yox! Gülcahan, gətirmə, göstərmə! Yəqin bil ki, onu görsəm ağlım başımdan çıxar. Hərdənbir yuxumda görəndə dəli oluram.... İnsaf məni incidir. Ürəyim od tutub yanır. G ü l c a h a n. Bəs nə edim? Nə çarə qılım?! Hər gün yalvarır: məni şah babamın yanına apar, bəlkə bu gün-sabah öldüm, mənə xeyir-dua versin. (Ağlayır.) N a d i r ş a h. Xeyir-dua! Ah biçarə! Binəva! (Ürəyini tutur.) Of, yenə bir şey sancdı. (Fikrə gedir.) Yaxşı, razı oldum, ancaq mən yuxuda ikən gətir, bəlkə bir az sakit ola. İndi get, yoldaşları gözləyirlər. (Gedirlər.) F ə r r a ş (qapıdan). Buyurunuz! DÖRDÜNCÜ GƏLİŞ Ələşrəf bəy, Musa bəy, Saleh bəy. Ə l ə ş r ə f b ə y. Yaxşı, indi nə tövr etməli? M u s a b ə y. Necə nə tövr? And içdik ki, gərək Nadiri öldürək. Gərək də elə ola. S a l e h b ə y. Bir az yavaş danış, fərraş eşidər. M u s a b ə y. Fərraş onsuz da gərək bilsin. Ə l ə ş r ə f b ə y. Nə tövr edək ki, fərraşı ələ gətirək? S a l e h b ə y. Birdən razı olmadı? M u s a b ə y. Mən razı edərəm! Ə l ə ş r ə f b ə y. Başla görək! (Musa bəy fərraşı çağırır, ikisi bir tərəfdə söhbət edirlər.) M u s a b ə y. Fərraş! F ə r r a ş. Bəli, ağa! M u s a b ə y (çoxlu pul göstərib). De görüm, bu pulu istəyirsən, ya xanlıq və yainki nökərçilik? F ə r r a ş. Əlbəttə xanlıq, pul da olsa dəxi yaxşı. M u s a b ə y. İndi ki, elədir, əzizim! Nadir şahın başına hava gəlibdir, bu gün-sabah onu taxtdan düşürəcəklər. Ondan sonra da kim bilir, sən burada qalacaqsan, ya yox? Yaxşı deyilmi ki, bir iş edəsən, həm xanlıq və həm dövlət qazanasan. F ə r r a ş. Nə işdir, ağa? M u s a b ə y. Lazım gəlir ki, onu öldürək. (Fərraş fikrə gedir.) Nə üçün fikrə getdin, yaxşı pul veririk və gələcəkdə xan olarsan. Çünki o adam ki, bunun yerində əyləşəcəkdir, bizlərə qohumdur.... Biz gecə vaxtı gələcəyik, sən yalandan yuxula və qapını da açıq qoy. F ə r r a ş (bir azdan sonra). Yaxşı, indi razı oldum. M u s a b ə y (pul verir). Al qabaqca bunu. S a l e h b ə y. İndi de görək, Nadir harda yatır? F ə r r a ş. Nadir axır vaxt bu otaqda yatır. Çünki hərəmxanaya getmir ki, oğlu ilə rast gələr. Ə l ə ş r ə f b ə y. Çox əcəb? Nə vaxt rəxtxabinə uzanır? F ə r r a ş. Oğlunun əhvalatından sonra rəxtxab üzü görməyibdir. Gah o taxtın üstə, gah səndəlin üstə yatır və çox da yatmır, çox vaxt gecədə neçə dəfə durub öz-özü ilə danışır. M u s a b ə y. Çox əcəb, bəs biz gedək, sən də vaxtında hazır ol. F ə r r a ş. Rzaqulu xan buraya gəlsə nə deyim? S a l e h b ə y. De ki, yoldaşların dedilər, özgə vaxt gələcəyik, ancaq əhvalını bilmək istəyirdik. (Hamısı çıxırlar.) F ə r r a ş. Həqiqət, şahdan dəxi hamı əlini üzübdür, qoy özgəsi olsun. Bəlkə mən də xan olam. BEŞİNCİ GƏLİŞ N a d i r ş a h (yavaş-yavaş gəlir). Qonaqlar necə oldular? F ə r r a ş. Qibleyi-aləm sağ olsun! Dedilər bir şey unudublar, getdilər gətirsinlər. N a d i r ş a h. Görükür, biçarə oğluma bir şey bəxşiş etmək istəyirlər. Yaxşı, qapıları bağla, hərgah gəlsələr, ayrı otağa dəvət et. (Fərraş çıxır.) N a d i r ş a h. Biçarə övrət qan ağlayır. Ağlamasın nə eləsin.... Of!! Of!! Fələk! (Taxta uzanıb yuxuya gedir. Birdən qorxub durur.) Allahu-əkbər! (Ətrafına baxır.) Kimsən? Hə? (Oturmuş.) Pərvərdigara! Nə istəyirlər məndən, bir yolluq öldürəcəklər, öldürsünlər. (Gözünə adam görünür.) Gəlmə, gəlmə, yoxsa.... (Ətrafına baxır.) Heç kəs yoxdur, allahu-əkbər! (Yenə gözünə görünür.) Gəlmə yavuq, səni and verirəm bizi yaradana! (Diqqətlə baxır.) Vay! Oğlumdur, oğlumdur, gəlibdir məndən xeyir-dua almağa. Əlləri ilə məni gəzir. Gəlmə, üzünə baxa bilmirəm.... Yox, gəlir ... gəlir.... (Üzünü əli ilə tutub taxta yıxılır. Bu vaxt Ələşrəf bəy, Musa bəy, Saleh bəy yavaş-yavaş evə daxil olurlar, istəyirlər Nadir şahı vursunlar.) ALTINCI GƏLİŞ M u s a b ə y. Yaxşı əlimizə düşübsən. (Nadir şah birdən ayılıb dili tutulur və sonra üstlərinə yüyürüb Musa bəyi, Ələşrəf bəyi bir yumruğa yıxır. Saleh bəy xəncərlə daldan vurur, qaçırlar. Nadir şah yıxılır.) N a d i r ş a h (yavaş-yavaş yıxılır). Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pisliketməmişəm. Hər kəsə də yamanlıq etmişəm, ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf ... etmişəm.... Oğlumun gözlərini vətənə qurban etmişəm. (Ağlayır, yavaş-yavaş yıxılır.) Biçarə anasını axirətədək gözü yaşlı qoymuşam.... Pərvərdigara! Özün kömək et bu başsız millətə! Ya rəbbim! Bir neçə dəqiqə canımı alma, tainki oğlumu görəm.... YEDDİNCİ GƏLİŞ Gülcahan Rzaqulu xanın əlindən tutub. G ü l c a h a n. Oğlum! Atan səndən xəcalət çəkir. İndi yatır, bax oğlum! (Nadir şaha tərəf baxmır.) Şan-şövkətdən məhrum olan oğlum! (Ağlayır.) N a d i r (bunları görüb dizi üstə bunlara tərəf sürünür). Ah, bədbəxt oğlum! Atan dizi üstə səndən təvəqqe edir, əfv et, oğlum! Bağışla oğlum, şah babanı bağışla! (Ölür.) (Rzaqulu xan əlləri ilə gəzir.) G ü l c a h a n. Ah!.... (Qəşş edib Nadirin üstə yıxılır.) PƏRDƏ * * * == Nadanlıq == Nadanlıq ƏFRADİ-ƏHLİ-MƏCLİS M ə h ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında. N a m a z--onun nökəri. Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı A b d u l l a--kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında. K o x a--kəndin yüzbaşısı. Ö m ə r--Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda. V ə l i--Hacı Abdullanın kiçik oğlu. Ə H m ə d--Hacı Abdullanın nökəri. Bir neçə kənd adamları--Məhəmməd ağanin yanına ərizə yazdırmağa gələnlər. Y e t ə r--Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında. G ü l p ə r i--Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında. M o l l a Q a s ı m--kənd mollası, İran libasında. M ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l-- Vəlinin qaçaq yoldaşları, hamısı yaraqlı. * * * Birinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Məhəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü. M ə h ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil ki, müəllimi bu ölkədə özlərinə düşmən hesab edirlər. Ah! Başım fikir etməkdən çatlayır! (Başını əli ilə tutur.) İKİNCİ GƏLİŞ Məhəmməd ağa və Qurbanəli . Q u r b a n ə l i. Salaməleyküm! M ə h ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.) Əyləşin. Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı? M ə h ə m m ə d a ğ a. Allaha şükür! Ancaq uşaq az olmağa görə günlərim qəmgin keçir. Q u r b a n ə l i. İndi neçə şagird var? M ə h ə m m ə d a ğ a. Ancaq ikidir. Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) heç iki şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki genə yaz açıldı, hamısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu şkolda ildə üç ay qışı oxuyurlar. M ə h ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq? Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran. M ə h ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necə oldu? Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma.... M ə h ə m m ə d a ğ a. Nə var? Xeyir ola!Q u r b a n ə l i. Nə eyləyim, deyirlər oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlər. M ə h ə m m ə d a ğ a. Hə ... һә ... һә.... (Başını bulayır.) Təəccüb işdir. (Tərəfə.) Doğrudur ki, avam! Q u r b a n ə l i. Yaxşı, mən razı oldum, görək özgələr də razıdırlarmı? M ə h ə m m ə d a ğ a. Ay kişi, özgənin sözünə nə üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun. Q u r b a n ə l i. Çox yaxşi, göndərərəm gələr. Ancaq iş buradadır ki, deyirlər, burada oxuyan ancaq sağ və solu tanımaqdan ötrüoxuyur, hərgah belə olsa, onu mən də öyrədərəm. M ə h ə m m ə d a ğ a. Sizə mən dedimmi hər adamın sözünə qulaq verməyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun sizə çox köməyi dəyər. Q u r b a n ə l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nə məslahat görür. M ə h ə m m ə d a ğ a. Özünüz biliniz, amma mən sizin yaxşılığınızı istəyib deyirəm. İndi Koxaya dəxi adam göndərmişəm. Gəlsin, bəlkə xalqa nəsihət edə ki, uşaqları versinlər. (Səs gəlir.) Gərək ki, gələn odur. ÜÇÜNCÜ GƏLİŞ Koxa öz yasavulu ilə içəri daxil olur. K o x a. Məni sənmi çağırıbsan? M ə h ə m m ə d a ğ a. Bəli, mən. Xalq görürəm, uşaqlarını oxutmaq istəmir. Ona görə lazım gəlir ki, camaata nəsihət edəsiniz, bəlkə uşaqlarını oxudalar. K o x a. Doğru buyurursan, amma çox çətindir ki, mənim nəsihətimə qulaq asalar. M ə h ə m m ə d a ğ a. Hər halda siz genə deyiniz, qulaqları dolsun. K o x a. Məhəmməd ağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. Amma nə eyləyim ki, sözümə qulaq asmırlar. Hərgah istəyirsən bu saat ağsaqqalları çağırtdırım sənin yanına, gör nə cavab verirlər? M ə h ə m m ə d a ğ a. Əcəb olar, çağırdınız, görək nə deyirlər. K o x a (yasavula). Get bu saat Hacı Abdullanı, Ağakişini, Niyazəlini buraya çağır. (yasavul çıxır. Onun dalınca Koxa özü də dişqarı çıxıb deyir.) Deginən tez gəlsinlər. Y a s a v u l. Yaxşı, baş üstə. M ə h ə m m ə d a ğ a (tərəfə). Qəribə xalqdır. (Sonra Qurbanəliyə tərəf.) Mənim çalışdığım sizdən ötrüdür. Amma siz öz xeyrinizi əsla bilmirsiniz və ayağınıza gələn baxta daş atırsınız. Q u r b a n ə l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilməz. Onunki odur ki, yazda taxıl əksin, yayda biçsin, qışda da yerini isti eləyib yatsın. Ondan masəva, doğrusunu demək, dörd-beş il bundan qabaq bizim bir neçə ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi də dolanacaqları əkin və qoyun ilədir. M ə h ə m m ə d a ğ a. Eybi nədir? Qoy oxusun, ondan sonra genə əksin, biçsin. Q u r b a n ə l i. İş elə oradadır. Biz istəmirik ki, oxuyandan sonra əksin, biçsin. Biz istəyirik ki, qulluq adamı olsun,çinovnik olsun. M ə h ə m m ə d a ğ a. Ay kişi! Hər oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elər, o biri molla olar. İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşahlığında kənd adamları əllərində qəzetə cüt sürürlər. Q u r b a n ə l i. Hərgah Hacının oğlu kimi olacaqsa, heç olmasın. M ə h ə m m ə d a ğ a. Necə, Hacının oğlu Ömərimi deyirsiniz? Q u r b a n ə l i. Bəli, bəli, Öməri deyirəm. M ə h ə m m ə d a ğ a. Məgər pis oğlandırmı? Q u r b a n ə l i. Elə oğlum olsa, bir saatda başını kəsərəm. M ə h ə m m ə d a ğ a. Səbəb? Q u r b a n ə l i. Ah! Nə deyim ... m ... m.... DÖRDÜNCÜ GƏLİŞ Koxa, Ağakişi, Niyazəli , Hacı Abdulla içəri daxil olurlar. H a m ı s ı. Salaməleyküm! M ə h ə m m əd a ğ a (ayağa durur). Xoş gəlibsiniz. (yer göstərir.) Buyurun, əyləşin! (Hər kəs özü üçün kürsü götürüb əyləşir. Ağakişi çubuq çəkir.) K o x a. Camaat! Sizi buraya çağırmağımızın səbəbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kəndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgələr də baxıb oxudarlar. (Məhəmməd ağaya tərəf.) Bu kişini də bizə padşah tərəfindən göndəriblər. Yaxşı-yaman, qoyun uşaqlarınız gəlsinlər şkola, bunun da çörəyi kəsilməsin. M ə h ə m m ə d a ğ a (tərəfə). Yaxşı nəsihət verdi! Dilin qurusun. A ğ a k i ş i. Mənim bir oğlum var, o da kotana gedir. Bir də onun vaxtı keçibdir, on iki yaşındadır. M ə h ə m m ə d a ğ a. On iki yaş çox deyil, elə oxumalı vaxtıdır. N i y a z ə l i. Mənim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir. M ə h ə m m ə d a ğ a. Olmazmı kiçik oğlunuzun əvəzinə ayrı adam tutasınız? N i y a z ə l i. Ay sağ olmuş, heç insafmıdır ki, öz oğlun ola-ola, özgəyə pul verəsən? Pul məgər göydənmi tökülür? H a c ı A b d u l l a. Ay Məhəmməd ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünəgörə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır". M ə h ə m m ə d a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömərdən narazısınız? Amma mən fikir eləyirdim ki, bu kənddə ancaq siz xoşbəxtsiniz. Zira ki, Ömər oxuyub elm sahibi olubdur və onun köməkliyi sizə azmı olur? H a c ı A b d u l l a. Mənə onun nə köməkliyi olacaq? Bircə odur ki, naçalnik, pristav gələndə bizim evə düşürlər və Öməri rusca bilməyinə görə çox istəyirlər. M ə h ə m m ə d a ğ a. Bəs belə şəxslərin sizə düşməyini azmı bilirsiniz? Ondan masəva, ərizənizimi yazmır? Divan işlərinizimi görmür? Bundan əlavə, əkində də sizə kömək edir. Kimin hünəri ilə bu il taxılınız çox oldu? ömrünüzdə bu qədər yer əkibsiniz, heç bu ilki kimi taxıl götürdüyünüz varmı? H a c ı A b d u l l a. Ömərin əli əsla kotana da dəyməyibdir. Ancaq nökərlərin üstə durub buyruq veribdir: "Ay gədə, bunu belə elə, onu elə elə". N i y a z ə l i. Bu da yəni bir işdirmi? (Gələ-gələ çubuğunu doldurub çəkir.) M ə h ə m m ə d a ğ a. İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki lazımdır şumluyub, təzə çıxan kotan alıbdır. Əsil iş budur və bunların hamısını oxumaq ilə tapıbdır. Yeri elmə müvafiq şumlamaq və nə tövr kotan ilə əksən, taxıl yaxşı çıxar--bunların hamısı kitablarda yazılıbdır. Hərgah Ömər oxumasaydı, belə şeyləri bilərdimi? K o x a. Kişi bunları doğru deyir. (Qurbanəli kürsüdən yerə düşüb yanı üstə uzanır və bir az vaxtdan sonra yuxuya gedir, xoruldayır.) H a c ı A b d u l l a. Ay kişi, bunlar hamısı sözdür. Adam gərək adam ola. Oğul deyəndə kiçik oğlumdur, onun başına dönüm: desəm öl, öləcək. Amma bu evi yıxılmışa iki ildir deyirəm Hacı oğlu Vəlinin qızını alsın, almır. Qızın yaxşı cehizi, mülkü və maşı var. Bilmirəm ki, dərdi nədir? Ancaq ağzını açanda kiçik qardaşını bəyənməz, onu dəli hesab edir, ondan ötəri ki, deyir: "O, vaxtsız arvad alıbdır". N i y a z ə l i. Necə yəni vaxtsız arvad alıbdır? H a c ı A b d u l l a. Nə bilim, ay kişi. Elə sözlər danışır ki, heç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölməyinə və şil uşaq olmağına səbəb tez evlənmək olubdur". K o x a. Neçə yaşında arvad almışdı?H a c ı A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gərək ki, qızın əvvəldən azarı varmış. Ərə gedəndən sonra azarı günbəgün artır. Xülasə, nə deyim, allah nə istəsə o olacaqdır. M ə h ə m m ə d a ğ a. Bəs görünür, onun sözünə inanmırsınız. H a c ı A b d u l l a. Doğru deyirlər ki, rusca oxuyan özünü itirər. (Gülür.) N i y a z ə l i (başını bulayır, tərəfə). Doğrusunu Hacı deyir. K o x a. Ay Məhəmməd ağa! Əyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sən deyirsən. Heç inanmaq olmaz ki, tez arvad almaqdan həm arvad ölə və həm uşaq ölə. A ğ a k i ş i. Ah! Allahı sevərsiniz, belə şeylər danışmayın, kafir olarsınız. M ə h ə m m ə d a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. Hərgah oxumaq bilsəydiniz, tibb kitablarını sizə göstərərdim və təəccüb edib yəqin edərdiniz ki, Ömər sizə deyən sözlər doğrudur. H a c ı A b d u l l a. Ah! Oxumaq nəyimə lazım? Mən belə şeyləri oxumamış da bilirəm. A ğ a k i ş i. Hərgah oxumaq bundan ötəridir, heç oxumasan yaxşıdır. Q u r b a n ə l i (birdən asqırır və yuxudan ayılır). Söhbətiniz nə uzun çəkdi? (Gözlərini ovur.) İşi nə yerə qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox? N i y a z ə l i. Görmürsəimi, Hacı nələr söyləyir! Səkkiz-doqquz il zəhmət çəkib Öməri oxudubdur, amma indi deyir:"Peşiman olmuşam". Q u r b a n ə l i. Bax a!... Gərək ki, ay Hacı, onun oxumağına xərc etdiyin pulu qoyuna versəydin, indi beş-altı sürü artıqqoyunun olardı. H a c ı A b d u l l a. Bəs nədir! Əslinə baxsan, Ömər öz gücünə oxuyubdur. Xülasə, nə deyim, heç görmədim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dəli eyləyir". (Çubuq çəkir.) A ğ a k i ş i (tərəfə). Yazıq Hacı bunların. Hamısını görübdür, hər nə desə doğrudur. H a c ı A b d u l l a. A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, hərgah o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin. M ə h ə m m ə d a ğ a. Ay Hacı! Biz heyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək həməvaxt zakonla və şəriətlə iş görək. H a c ı A b d u l l a. Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan? Q u r b a n ə l i. Sizin söhbətiniz, görünür, çox çəkəcək. (Ayağa durub gedir.) Acımdan öldüm, salamat qalın. A ğ a k i ş i. Yavaş, mən də gedirəm. (Durub gedir.) H a c ı A b d u l l a (Niyazəliyə). Dur, biz də gedək, salamat qa l! N i y a z ə l i və K o x a. Salamat qal! (Hacı Abdulla, Niyazəli və Koxa gedirlər.) M ə h ə m m ə d a ğ a. Xoş gəldiniz! (Fikrə gedir.) Bunların işlərini əsla başa düşmək olmur. Avam da var, avam da. (Ayağa durub gəzinir.) Amma bunlar kimi avam mən görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsihət ilə bunlara bir şey qandırasan. (Fikrə gedir.) Pərvərdigara, insan özü öz evini belə yıxarmış! Heyif, çox heyif ki, bizim millət peygəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?İnsan ki,oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalıdır? (Fikrə gedir.) Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bununla belə atasının xoşuna gəlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kəsmir, hərgah belə bəlalara giriftar olsaydı, yəqin ki, atası onu da kiçik oğlu kimi sevərdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? Ah! canları çıxsın. Bir adam ki, öz xeyrini bilməyə, mənə nə düşübdür özümə bu qədər zəhmət verib qanımı xarab edəm. (Fikrə gedir və sonra əli ilə başını tutur.) Xeyr.... Mən.... Səhv etdim. (Bərkdən.) Mənə vicdanım buyurur gərək düz yoldan azmış adamı düz yola gətirim.... Lazımdır ki, bir az səbr edəm, Ömər də bu gün mənim yanıma gələcək, onunla da məsləhət edərəm. (Səs gəlir.) Gərək ki, gələn odur. (Qapıya baxır, Ömər içəri daxil olur.) BEŞİNCİ GƏLİŞ Ömər və Məhəmməd ağa. Ö m ə r. Salaməleyküm! M ə hə m m ə d a ğ a. Xoş gəlibsiniz. Mən sizi gözləyirdim. Ö m ə r. Xeyir ola, nə var? M ə h ə m m ə d a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xəyal məni götürmüşdü. Ona görə istəyirdim sizinlə söhbət edəm. Ö m ə r. Bağışlayınız, işim çox olmağa görə sizin yanınıza tez-tez gələ bilməyirdim. Bir aydır naçalnikin yanına getməkdən bezar olmuşam. M ə h ə m m ə d a ğ a. Allaha şükür, nə olubdur ki, naçalnikin yanına gedirsiniz? Ö m ə r. Bir ay bundan müqəddəm mənim balaca qardaşım Vəli guya bir neçə adam ilə poçt yolunda karvan soyublar. Bunun üstündə Vəlini naçalnik həbsə salmışdı. Mən möhlət alıb bir az zamana qədər həbsdən qurtarmışam. İndi dəxi çalışıram ki, təmiz qurtarsın və naçalnik mənə söz veribdir. M ə h ə m m ə d a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrə gedir.) Ö m ə r. Nə üçün təəccüb edib fikrə getdiniz? (Məhəmməd ağaya yavuqlaşır.) M ə h ə m m ə d a ğ a. Heç. (yerə baxır) Ö m ə r. Nə üçün təəccüb etdiniz, deyiniz. M ə h ə m m ə d a ğ a. Bir neçə dəqiqə bundan müqəddəm atanız və qeyriləri burada idilər; oxumaqdan söz düşmüşdü və Hacının sözündən görünür ki, sizdən nəhayətdə narazıdır, amma Vəlini çox istəyir. Sözlərindən belə görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çəkir. Ö m ə r (əlini əlinə vurur). Ah! Ah! Görürsən? Allahu-əkbər, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mənim ona nə qədər xeyrim dəyir, bununla belə məndən narazıdır. (Fikrə gedir.) Nə edim, nə çarə qılım? Hərgah üzünə ağ olarsan, deyərlər ki, Ömər dəli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, Məhəmməd ağa, mənimki bunlar ilə düz gəlməyir, mənim nəzərim məişətə ayrı, onlarınkı ayrı. M ə h ə m m ə d a ğ a. Atanızın deməyinə görə, görünür siz onun sözünə baxmırsınız və fikir edir ki, guya bu tövr hərəkət oxumağın əsəridir. Ö m ə p. Harr deyir. Bir neçə işdə onun sözünə baxmıram. Ondan ötəri ki, mənim də qanacağım var, özümü bilə-bilə oda salmaram. Məsəla, yarım ay bundan müqəddəm mənim yanıma adam göndəribdir ki, gərək mən bir dövlətli var, onun qızını alam. Əvvəla, qızı görməmişəm və ondan savayı qız on və ya on bir yaşında! Məgər bu sinnində qızı almaqmı olar? Məgər mən insan deyiləm? Xülasə, buna razı olmamışam. Bundan əlavə, mənə buyruq verir ki, hər kəs ki məni, ya bizdən birimizi incitdi, o saat onu öldürmək! Görürsüz, nə tövr təkliflər edir! M ə h ə m m ə d a ğ a (əyləşir). Bəli, çox çətindir, gərəkdir ki, səbir edəsiniz. Ö m ə r. Snzin canınız üçün, hərgah mənim yerimə özgə oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mənim istədiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürəm, nəhayətdə çətin işdir. M ə h ə m m ə d a ğ a. Bəli, çox çətindir. Amma genə səbir etməli, çünki səbirlə hər şeyi görmək olar. ALTINCI GƏLİŞ Namaz, Məhəmməd ağa və Ömər. N a m a z. Ağa! Bir iki adam gəlib, istəyirlər sizi görələr. Ö m ə r. Genə ola ki, ərizə yazdırmaga gəlirlər. M ə h ə m m ə d a ğ a. Elə olacaqdır. (Namaza.) De, gəlsinlər. YEDDİNCİ GƏLİŞ İki tərəkəmə kürkdə, əllərində ağac içəri daxil olurlar. Ə v v ə l i n c i. Başına dönüm, ay Məhəmməd ağa! Mənə bircə ərizə yaz. İ k i n c i. Mənə də birini yazacaqsan. M ə h ə m m ə d a ğ a (başını bulayır və əlinə kağız alır. Əvvəlinciyə). Sən nə barədə yazdırırsan? (Ömər papiros yandırıb, tərəkəmələrə diqqət ilə baxır.) Ə v v ə l i n c i (əvvəl yoldaşına baxır və sonra Məhəmməd ağaya). Bu nə deyir? Barə nədir? Ərizə yazacaqsan, dana! M ə h ə m m ə d a ğ a. Bilirəm, amma gərəkdir biləm nədən ötrü yazdırırsan? Ə v v ə l i n c i. Hə ... һә! İndi başa düşdüm. yazarsan Tarıverdi Pirverdi oğlunun tərəfindən nəçəlniyə ərizədi. M ə h ə m m ə d a ğ a. Ay kişi, onu mən özüm bilirəm. De görüm, axı nə olubdur ki, ərizə yazdırırsan? (Kəndçi qanmayır, yoldaşına baxır.) İ k i n c i. Ay evin yıxılsın, desən! Nə oldu, kim kimi öldürübdür? Ə v v ə l i n c i. Adam-zad öldürməmişəm! Ö m ə r. Bəs nə olubdur? Ə v v ə l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünən mən şəhərdən gəlirdim, yolda iki mal rastıma düşüb gətirmişəm. İndi mal yiyəsi şikayət eləyibdi ki, guya mən onun mallarını oğurlamışam. Malların əgər nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir, o biri.... (Fikrə gedir.) M ə h ə m m ə d a ğ a. Nişanları mənim nəyimə lazımdır, deyirsən? Ə v v ə l i n c i. Hə.... Birinin qulaqları kəsikdir, özü də qoca, arıq şeyin biridir. M ə h ə m m ə d a ğ a. Allahı sevirsən, dayan. Sən görürəm axşamadək qurtarmayacaqsan, qoy görək bu nə deyir. (İkinciyə baxır.) İ k i n c i. Mənim işim lap nahaq yerədir! Mənim oğlum özgənin nişanlısını götürüb qaçıbdır, indi atası şikayət başlayıb. Ö m ə r. Qız razıdırmı? İ k i n c i (fikrə gedir). Nə deyim ... m ... m .... (Bərkdən.) Əlbəttə, razı olacaq. Allaha şükür, malımız var, yerimiz var. Mənim oğlumdan yaxşısınamı gedəcəkdir? M ə h ə m m ə d a ğ a. Qızın atası da razıdırmı? İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötəri ki, qız beş aydı özgəyə nişanlıdı. Kəbini də kəsilibdir. Amma nişanlısının pulu olmadığına görə bu vaxtadək toy eləyə bilmir. M ə h ə m m ə d a ğ a. Ay kişi! Kəbini kəsilmiş olsa, sənin cürətin nədir ki, özgənin arvadını aparasan? Elə də şəriətcə düz olmaz. İ k i n c i. Bu iş mollanın əlində deyilmi? Bir az pul basaram, iş düzələr. Ö m ə p. Ay kişi! Nə üçün başa düşmürsən? Hərgah kəbini kəsilmiş olsa, molla heç şey eyləyə bilməz. İ k i n c i. Qanıram, ancaq bircə sən nəçəlniyə yaz görək.... (Bu vaxt üç, ya dörd adam genə içəri daxil olurlar ki, ərizə yazdırsınlar.) SƏKKİZİNCİ GƏLİŞ H a m ı s ı. Məhəmməd ağa! Bircə bizə ərizə yaz! B i r i s i. Dünən mənim oğlum bir erməni dığası öldürübdür, indi onu nahaq yerdən tutublar. İ k i n c i. Mənim qardaşım özgənin tayasına od vurubdur, ondan ötəri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular. Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək. (Bu vaxt beş-altı nəfər genə daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez gəlmişəm, mənə yaz".) M ə h ə m m ə d a ğ a. Allahı sevərsiniz, açılın başımdan, mən ərizə yazan deyiləm! (Kağızı və qələmi əlindən atıb hirslənir və ayağa durur.) PƏRDƏ * * * İkinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Qurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir. Q u r b a n ə l i. Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur gurulduyur. Doğrusu ki, heç özümün də ürəyim yoxdur. Ondan ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir Ömərin zəhmətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrə gedir.) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək axırı nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, ərizəmi yazardı. (Asqırır.) İnşaallah ki, xeyirdir. (Ayağa durub arvadını çağırır.) Ay Gülpəri! Ay Gülpəri! İKİNCİ GƏLİŞ G ü l p ə r i (içəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan? Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan hardaydın? G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım. Q u r b a n ə l i. Ata da arpa verdinmi? G ü l p ə r i. Vermişəm. Q u r b a n ə l i. Di allahını sevərsən, bir şey ver mən də yeyim. Tez ol! G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir işə vurmuyasan. Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm? G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm? Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı işmi görürsən? G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir.) Sən məndən çoxmu işləyirsən? Q u r b a n ə l i. Mən işləməsəm, sən hardan yeyərsən? G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər. Q u r b a n ə l i. Allahı sevərsən, çox söylənmə, gəti görüm nəyin var. G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür.) Q u r b a n ə l i. Allah evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı bitdi. G ü l p ə r i (bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin qabağına qoyur). Ala, zoqqumlan! Q u r b a n ə l i (hirsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm zoqqumlanasan! (yeyir.) Əli qurumuş deyəsən heç duz tökməyibdir. G ü l p ə r i (duz ətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz. Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... ha! (Gülür.) A Gülpəri! Səməd evdədirmi? G ü l p ə r i. Yoxdur. Q u r b a n ə l i. Bəs hara gedibdir? G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı? Q u r b a n ə l i. Heç.... (Asqırır.) Tək səbir gəldi. Allah, özün rəhm elə! (Fikir edir.) Səməd evə gələndə onun üstünü-başınıdüzəlt! G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola! Q u r b a n ə l i. Heç!... (yeyir.) Göndərəcəyəm şkola getsin. (Asqırır.) G ü l p ə r i. Şkol nədir, ay kişi? Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır.) Allahu-əkbər! G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən? Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana! G ü l p ə r i. Abrizinni nədir? Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər. G ü l p ə r i. Allahını sevərsən, yerində ağır otur batman gələsən. Aparıb oğlumu əbəs yerə dəli eləmə! Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (yeyir.) ÜÇÜNCÜ GƏLİŞ Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır. A ğ a k i ş i. Salaməleyküm. Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək. A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli? Q u r b a n ə l i. Ayrandı, heç zad. Hərgah istiyirsən, deyim sənə də gətirsinlər. A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm. Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu? A ğ a k i ş i. Nə işdən ötəri? Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri. A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki? Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı? A ğ a k i ş i. Ah, rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük şeydirmi? Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir. A ğ a k i ş i. Öldürməyinimi deyirsən? Q u r b a n ə l i. Bəli. A ğ a k i ş i. Niyə? Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi göstərmədilər və evə də qoymadılar. A ğ a k i ş i. Yəni eləmi olubdur? Q u r b a n ə l i. Elə belə olubdur. A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çətin olacaqdır. Q u r b a n ə l i. Nə çətinliyi var? Ancaq Sibirə göndərəcəklər. Bundan artıq bir şey olmaz. Özü də qaçıb gedibdir, allah bilir tutalar, ya yox. A ğ a k i ş i. O heç, Sibirə getməyinə gedəcək. Amma vay qalanların gününə. Qızın adamları Pirverdinin nəslini qətən kəsəcəklər. (yanı üstə yıxılır.) Xülasə, bu işin xətası var. Q u r b a n ə l i. Canları çıxsın, qoy biri-birinin ətini yesinlər. A ğ a k i ş i. Elə, demə, bir vaxt olar, bizim də başımıza gələr. Q u r b a n ə l i. Heç şey olmaz. İki oğlum var, ikisindən də arxayınam. Böyügünə demişəm, hansı qızı kefi istəsə, toysuz-zadsız götürüb qaçsın. Elə ki, qız evə gəldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "ənkəhtü-vəzənnuşdu"nu oxusun, ondan sonra qızın ata və anasının da sözü olmaz. Niyazəli üç oğlunu da belə evləndirdi. A ğ a k i ş i. Doğrudan, üçüdəmi qaçırdıbdır? Q u r b a n ə l i. Üçü də! A ğ a k i ş i. Yaxşı işdir, vallah! (Gülür.) Q u r b a n ə l i. Bəs nədi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır. A ğ a k i ş i. Necə çinovnik?! Q u r b a n ə l i. Qoyacağam.... (Asqırır.) Oxusun abrizinni olsun. A ğ a k i ş i. A Qurbanəli, əyri oturaq, düz danışaq. Sənin atan-baban oxumuşdumu? Q u r b a n ə l i. Yox. A ğ a k i ş i. İndi bəs bu nə dəstgahdır sən eyləyirsən. Yanı atan-baban gedən yolnan getsən. Q u r b a n ə l i. Ay cağ olmuş, qoy getsin adam olsun, ərizə-zad yazmaq öyrənsin, sənə də lazım olar. A ğ a k i ş i. Deyirəm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların əli balamı batıbdır ki, səninki də yağa bata! Görmədinmi, dünən Hacı öz oğlu Ömərdən nə danışırdı? Görükür, Məhəmməd ağanın sözlərinə sən də inanırsan. Q u r b a n ə l i. Bəs inanmayım, neyləyim? Kişi deyir "oxuyan adam olar". A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sən allah, nələr söyləyir! Q u r b a n ə l i. Yox, yox! (Uça səslə.) Deyir belə "oxuyan ağıllı, kamallı olub dünyadan xəbərdar olar, mərifətli olar, naçalnik kimi adamlarla danışıb söhbət edər". Deyir belə "bu dəmir yol (əli ilə göstərir), teleqraf, cürbəcürə maşınlar hamısı oxumaqla tapılıbdır". Dünən sizdən sonra mən genə yanına getmişdim. Belə şeylər nağıl eləyibdir ki, doğrusu, adam istəyir inansın. A ğ a k i ş i. Ə, ağlın olsun! Hər şeyə inanma. Dəmir yol, teleqraf Adəm peyğəmbərin vaxtından qalan şeylərdir, allah-taalanın qüdrətidir, bunlara ağılmı çatar? Q u r b a n ə l i. Nə bilim, vallah elə şeylər danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçə padşahlıqlar var, orda cütçü əlində qəzetə oxuya-oxuya cüt sürür. A ğ a k i ş i. Bəs belə şeylər danışmasın, nə eləsin? Görür ki, xalx uşaqlarını vermir, ona görə bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çətindir? Q u rb a n ə l i. Deyir, Hacının oğlu Öməri görürsünüzmü nələr eyləyir? Bunlar hamısı oxumağın gücünədir. A ğ a k i ş i. Dəli dəlini tapar, doğru deyiblər. O da öz yoldaşını tapıbdır. Ah! Hərgah Ömər yaxşı oğul olsa atası onu çox istərdi. (Çubuğunu çəkir.) DÖRDÜNCÜ GƏLİŞ Niyazəli, Qurbanəli və Ağakişi. N i y a z ə l i. Salaməleyküm! Genə nə şirin söhbət eləyirsiniz? Q u r b a n ə l i. A! Xoş gəlibsən! A ğ a k i ş i. Yaxşı vaxt gəlibsən, a qonşu! Bura gəl, yanıma. (Əli ilə göstərir, Niyazəli Ağakişinin yanına gedib əyləşir.) N i y a z ə l i. Nədi genə? Nə xəbər ola? A ğ a k i ş i. A kişi, bizim Qurbanəli elə şeylər danışır ki, pişmiş toyuğun güləsi gəlir! N i y a z ə l i. Nə var? Xeyir ola, a Qurbanəli! Genə mollalığmı eləyirsən? Q u r b a n ə l i. A kişi, bir şey yoxdur. Ağakişidi çənəsini boş qoyub danışır. N i y a z ə l i. Sən de görüm, nə var? A ğ a k i ş i. Məhəmməd ağanın sözünə baxıb istəyir kiçik oğlunu şkola qoysun. N i y a z ə l i (Qurbanəli asqırır, Niyazəli başını bulayır). Mən də əvvəl bu fikirdə idim.... Q u r b a n ə l i. Sonra nə oldu ki? N i y a z ə l i. Beş il bundan əvvəl Mursaqulu ağanın uşaqları oxumurdumu? Q u r b a n ə l i, A ğ a k i ş i . Hə ... һә ... һә.... N i y a z ə l i. Bax, o vaxt mən də istəyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gəlib dedim: a bala, sizə şkolda nə oxudurlar? Cavab verdi ki, "nə bilim, yerin günün başına dolanmağından, yer havada durmağından".... Xülasə, çox şeylər dedi, hayıf ki, yadımda qalmayıbdır! A ğ a k i ş i. Ha, ha!... (Gülür.) A, gör nələr söyləyirlər, ya rəbb! N i y a z ə l i. Doğru deyirəm, üç oğlumun canı üçün, elə belə deyirdilər. Doğrusu, belə şeyləri eşidəndən sonra hansı axmaqdı gözü baxa-baxa uşağını dəli eləsin. Q u r b a n ə l i (təccüb edir). A Niyazəli, nə deyirsən? Yer də günün başına dolanarmı? A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necə eyləyir. Q u r b a n ə l i (asqırır). Olmuya bu tək səbir elə ondan ötəri gəlir. A ğ a k i ş i. Görükür, bu işin xətası var. N i y a z ə l i. Tək səbir mənə düşmür. A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdən daşınasan. Yaxşı demirəmmi, a Niyazəli? N i y a z ə l i. Doğru deyirsən. Bir şeyi ki, başlayırsan, tək səbir gəldi, qoy qalsın. Xülasə, nə deyim, bu oxuyanların işləritəəccübdür. Yazıqların işləri-gücləri yoxdur, belə-belə şeylər yazıb satırlar. Bu yolnan özlərinə pul qazanırlar. Q u r b a n ə l i. Bunlar hamısı keçər-gedər. Ancaq bu tək səbir.... (Asqırır.) Allahu-əkbər! Mənim gözümü qorxudur. Gərək siz deyən doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir.) Ah! Qoy genə getsin qoyuna, oxumaq nəyinə lazımdır.... N i y a z ə l i. A kişi, nəyinizə lazım belə şeylər danışırsınız. İşinizi tanrı qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə gələcəkdir, doğrudumu? A ğ a k i ş i. Doğrudu, doğru. Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı? N i y a z ə l i. Əsil iş mənim deyilmi? A ğ a k i ş i. Nə olub, allaha şükür? N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır. A ğ a k i ş i. Atası, anası razı deyillərmi? N i y a z ə l i. Yox, a kişi! Qız əvvəl özgəyə nişanlıymış, kəbini də kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir. Q u r b a n ə l i. Mollanın burada nə işi var? N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki? Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi. N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya yox? A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey heç, olarmı ki? N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma.... O vaxt zorumuza saldıq, gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası və nişanlısı qızın dalınca düşməz, amma.... Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar. N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq qoyub gəzmiyək. A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər. N i y a z ə l i. Bu işin üstəmi? A ğ a k i ş i. Bəli! Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır. N i y a z ə l i. Xülasə, görək, işimiz nə,tövr olacaq! (Bu vaxt Koxanın eşikdən səsi gəlir:--Niyazəli burdadımı? Cavab:--Burdadı.) BEŞİNCİ GƏLİŞ Koxa, Niyazəli, Qurbanəli və Ağakişi. K o x a. Ay Niyazəli! Dur görək! N i y a z ə l i. Nə var, ay Koxa? K o x a. Naçalnik gəlib, səni istəyir. N i y a z ə l i. Hara düşübdür? K o x a. Hacı Abdullagildədir. A ğ a k i ş i. Adam çoxmu yığılıbdı? K o x a. Yox, hələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini harda olsa tapaq. N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq! Q u r b a n ə l i. Elə görükür. N i y a z ə l i. Bir dəli şeytan deyir, heç getmə. A ğ a k i ş i. Yox, getsən yaxşıdı. Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar. K o x a. Sən allah, dur gedək! Mənim da işim var. N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəhərə gedibdir? K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə heç şey olmaz. A ğ a k i ş i. A Koxa, sən get, o da gələr. (Qurbanəli ayağa durur.) N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm. K o x a (gəlib qolundan tutur). Allahı sevərsən, məni yubandırma, dur gedək, heç şey yoxdur! (Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.) A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz! Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var.... (Fikrə gedir.) Yox a kişi, birdən naçalnik məni görər, köhnə işlərdən yadına düşər, məni də tələyə salar. Yaxşısı (budur, yerimdə oturum. (Oturub çubuq çəkir.) ALTINCI GƏLİŞ Gülpəri tələsmiş içəri daxil olur. G ü l p ə r i. Gördün hələ nə oldu? Hayıf sənə!Q u r b a n ə l i (ayağa durur). Ay arvad, nə var, nə olubdur? G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Hayıf! (Guya şey üçün gəzir.) Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur? G ü l p ə r i. Məhəmməd oğlunun gəlini dəli olubdu! Q u r b a n ə l i. Necə, dəli olubdu? G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, hayıf sənə! Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu? G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı? Q u r b a n ə l i. Axı, nədən olubdu? G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan! Q u r b a n ə l i. Hal anasındanmı? G ü l p ə r i. Hə, һә! Yazıq! Hayıf sənə! (Dizinə vurur.) Q u r b a n ə l i. Doğrudan da hayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu ki? Görübdü? O ki gözə görünməz? G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar. Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad! G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar hamısı tökülüb dua yazırlar. Q u r b a n ə l i. Yəni doğrumu deyirsən? G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır! Q u r b a n ə l i (tez ayağa durur). Ay, məiim başmaqlarım hardadı? G ü l p ə r i (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin başına dəysin). Ala, andırlarını! Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır.) PƏRDƏ * * * Üçüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Hacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir. H a c ı A b d u l l a (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nə kağızıdır. Ay gədə, Əhməd! İKİNCİ GƏLİŞ Ə h m ə d. Bəli. (Əhməd içəri daxil olur.) H a c ı A b d u l l a. Ömər evdədirmi? Ə h m ə d. Evdədir. H a c ı A b d u l l a. Çağır bura gəlsin. (Əhməd dişqarı çıxır, Ömər içəri daxil olur). ÜÇÜNCÜ GƏLİŞ H a c ı A b d u l l a. Bu kağızlara bax görüm, nə kağızıdı. Ö m ə r (kağızları əlinə alıb diqqətlə bir-bir baxır). Bunlar baratdır. (Göstərir.) Bu Mələk Namaz qızının tərəfindəndir. Oğlu Tanrıverdini Sibirə göndərirlər, ona görə istəyir pul yığsın. H a c ı A b d u l l a. Bizim, belə, gödək Tanrıverdinimi? (Təəccüb edir.) Ö m ə r. Bəli. H a c ı A b d u l l a. Bəgəm onu tutdularmı? Ö m ə r. Hələ yaralıyıblar da! H a c ı A b d u l l a. Ay yazıq. İgid də deyəndə belə olardı. Gözünə döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı? Ö m ə r. Bundan sonra necə qurtarmaq və qurtarıb nə olacaq? Yaxşı oldu ki, tutdular! Bəlkə bir az sakitlik ola. H a c ı A b d u l l a. Ay sarsaq, necə qıyıb elə deyirsən. Kəndin igidlərindən biri o idi. Doğrudan ki, yazıq! Hayıf sənə! (Əlini cibinə aparır.) Ala, bu on manatı ver gədəyə aparsın, anasına versin və yazdırsın ki, məlum olsun. Ö m ə r (başını bulayır və pulu alır). Yaxşı, verərəm. H a c ı A b d u l l a. Bəs o biri kağız nədi? Ö m ə r (kağızı diqqət ilə oxuyur). Baxım görüm. H a c ı A b d u l l a. O kağız rusca yazılıbdımı? Ö m ə r. Bəli, ruscadır, naçalnikin tərəfindəndir. Sarvan mahalında təzə şkola açmaq istəyirlər. Ona görə naçalnik təvəqqe edir ki, hər kəs istəsə, şkolanı tikməkdən ötəri pul bağışlasın. H a c ı A b d u l l a. Bizim belə bu şkoldanmı? Ö m ə r. Bəli. H a c ı A b d u l l a. Gör sən allah, nə sarsaq-sarsaq işlər görürlər! (üzünü xalqa tutur.) özgənin kəndində şkol açılır, bizmi pulunu verək və mənim nəyimə lazım ki, şkol açılır. O kağız heç! (Əli ilə göstərir.) Boş şeydi, cır getsin. Ö m ə r. A ağa, belə işdə kömək etmək lazımdır. Bizim şkola tikiləndə naçalnik özu pul bağışlamadımı? H a c ı A b d u l l a. Özgə axmaq iş görübdür, gərək məndəmi görəm! Kağızın cavabını yaz ki, atam şəhərə gedibdi, pul-zad yoxdur. Ö m ə r. Ağa, naçalnikdən eyibdir. Sən göndərmirsən, mən on manat göndərərəm. H a c ı A b d u l l a. Deyirəm axı, sənin başına at təpibdir. Bilmirəm haçan ağıla gələcəksən? Doğrudan da cahil! Pulun qədrini hələ bilməzsən. (Ömər atasına əyri-əyri baxıb dişqarı çıxır.) H a c ı A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlər: "Oxumaqdan qara adamın ağlını aparar". DÖRDÜNCÜ GƏLİŞ Yetər və Hacı Abdulla. Y e t ə r (ağzı yaşmaqlı içəri daxil olur). A kişi, durub o biri dama getsənəm. Qurbanəlinin arvadı bizə gəlibdir, səndən qaçır. H a c ı A b d u l l a. Dərənin ermənisindən qaçmır, məndənmi qaçır? Əh! (Durub gedir.) Y e t ə r. Ay qız, ay Gülpəri bura gəl! BEŞİNCİ GƏLİŞ Yetər, Gülpəri. G ü l p ə r i. Salaməleyküm! Y e t ə r. Xoş gəlibsən! Otur görək. Uşaqların-zadın sağ-salamatdılarmı? G ü l p ə r i. Canına duaçıdırlar. Y e t ə p. Qurbanəli azarlıydı, indi yaxşıdımı? G ü l p ə r i. Qurbanəli dəli olub, başına at təpib. Y e t ə r. Necə, ay arvad? G ü l p ə r i. Ağıldan kəm olub, bilmirəm deyir, hansı dəli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirəm ay kişi, başına atmı təpib? Dana-buzovumuzu kim otarar? Deyir: "Sən bilmirsən! Oğlum oxuyub abrizinni olacaq". Y e t ə r. Ay qız, abrizinni hansıdır? G ü l p ə r i. Nə bilim, oxuyanlara abrizinni demirlərmi? Y e t ə r. Doğru deyirlər, kişinin ağlı az olar! G ü l p ə r i. Allaha qurban olum, oxumaq fikrinə düşəndən tək səbirdi ki, gəlir. Axırı səbirdən qorxub fikrini dəyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getməyi öyrənmişdi, hərgah oxumağa getsəydi, ağlını qara alıb bunlar hamısı yadından çıxardı, gedərdi. Y e t ə r. Bunlar yadından çıxmağı heç! özü böyüyəndə lap dəli olardı. G ü l p ə r i. Doğrumu deyirsən? Y e t ə r. Ay sağ olmuş! Bizim Öməri görmürsənmi? Allah ağlını alıbdır: gah kitabnan oynayır, gah nə bilim, maşınlar yazır. Əbəs yerə pulunu yox edir. İki ildir çalışıram, nə ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır. G ü l p ə r i. Bəlkə düşmənləriniz oğlanın bəxtini bağlayıblar? Y e t ə r. Allah bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədi? G ü l p ə r i. Gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı! Kitabnan açdılar. Y e t ə r. Elədi, elə. Yaxşı yadıma saldın. Dərviş baba cinləri gəzdirəndəmi? G ü l p ə r i. Hə, hə…. Bax, o dərviş baba bir gün hamının gözünün qabağında cinlərə buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünə pul və bir yüzünə də qoyun. Y e t ə r. İndi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdumu? G ü l p ə r i. Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır. Y e t ə r. Yaxşımı baxır? G ü l p ə r i. Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi. Y e t ə r. Dananı sonra tapdınızmı? G ü l p ə r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi! Y e t ə r. Ağrın alım, a Gülpəri, indi bu işdən ötəri o mollaya baxdırmaq olarmı? G ü l p ə r i. Nə üçün olmur, sənə bir də bir şey deyim. Hərgah istəyirsən ki, işi düzəltsin, gərəkdi ki, pula qızırğanmıyasan. Y e t ə r. Təki bu iş düzəlsin. özümün nə ki qızıl-gümüşüm var, hamısını bu yolda qurban eylərəm. Amma bu işi gərək bir sən biləsən, bir də mən. G ü l p ə r i. Yaxşı, indi mən gedirəm mollanın yanına, deyərəm sizə gəlsin. Y e t ə r. Yox! Yaxşı olar ki, sən əyləşəsən. Mən balaca qızı göndərrəm, getsin çağırsın. özün burda əhvalatı deyərsən, sonra mən də danışaram. G ü l p ə r i. Yaxşı olar. (Yetər dişqarı çıxır.) Evin yıxılsın kişi! (üzünü xalqa.) İstəyir ki, mənim oğlumu da aparsın, dəli eləsin…. Biçarə oğlanın bəxtini görürsən necə bağlayıblarsa, arvaddan-zaddan heç fikir eləmir. Molla görək nə deyəcək?! (Molla əlində ağac içəri daxil olur.) ALTINCI GƏLİŞ Molla və Gülpəri. M o l l a. Salaməleyküm! G ü l p ə r i (üzünü bir az örtür). Xoş gəldin, a molla? Buyur əyləş. M o l l a. Nənə, qulluğunuz nədir? (Bir tərəfdə əyləşir.) G ü l p ə r i. A molla! Səni bura Hacının arvadı Yetər çağırdıbdır. Gərək onun oğlundan ötəri kitaba baxasan, özü də indicə gələr. M o l l a. Nə olubdur ki? G ü l p ə r i. İndi neçə ildi ki, istəyirlər böyük oğlu Ömərdən ötəri arvad alsınlar, amma oğlan razı olmur. M o l l a. Görünür, bəxtini bağlıyıblar. YEDDİNCİ GƏLİŞ Yetər içəri daxil olur. Molla yerindən durub təzim edir. Y e t ə r. Əyləş! Xoş gəlibsən! M o l l a. Çox razıyam, ana! Buyruğunuz nə ola? Y e t ə p. Gülpəri demədimi? M o l l a. Bəli, bəli, bildim. Çox əcəb. Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasıiız və gərəkdir ki, puldan əsla fikir etmiyəsiniz. Çünki o cinlər ki, mən onlara hökm edəcəyəm, pul barəsində çox danışıqlar sevməyirlər. Y e t ə r. Ay molla, nə ki lazımdır sən elə və necə ki gərək olsa, mən hazıram. Ancaq iş düzəlsin və oğlum bilməsin. M o l l a. Oğlanın bilməməyindən arxayın olun. Ancaq mənim dualarım özğələrinki kimi deyil, mənim dualarımın hərəsinin ayrı-ayrı qiyməti var…. G ü l p ə r i (tərəfə). Hələ baxmamış, evi yıxılmış puldan dəm vurur. M o l l a. Və mənim bir duam vardır ki, hər kəlməsi bir manatdır! Hər kəs istəyir yazıram və neçə kəlmə olsa, ona görə pulumu alıram. Y e t ə r (tərəfə). Doğrudan da ki, deyirlər: "Mollanın gözü heç doymaz". M o l l a. Çox əcəb! (Əlini qoynuna aparıb kitabçasını çıxarır.) İndi mən bu kitaba baxaram və hərgah bu kitabla kimin və nəyin barəsində kitaba baxılacağını bildimsə, o vaxt yəqin ediniz ki, bu işi axırınadək aparacağam. Və hərgah bilməsəm, yəqin ediniz ki, bu iş başa gəlməz. Ondan ötəri ki, bir vaxt olur, cinlərimin kefi gələn zaman olub, pul çox almaqdan ötəri cavab vermirlər. cin tayfası pulu çox sevər. Y e t ə r. Sən allah, a molla, puldan fikir eləmə. Mən səni və sənin cinlərini artıqlığınca razı eylərəm. M o l l a (kitaba baxır). Bəli, görək, nə görükər. (Yavaş oxuyub gülür.) İşiniz çox yaxşı gəlibdir. (Arvadlar mollaya yaxın oturub diqqət ilə qulaq asırlar.) İndi mən bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyəcəyəm, ya yox. Çünki necə ki, əvvəl dedim: hərgah işi əvvəlindən doğru desəm, axırınadək doğru gedəcək. Qulaq verin. (Arvadlar dəxi də irəli otururlar.) Bu kitaba baxdıranın ismi Yetərdir. G ü l p ə r i. İsmi nədir, a molla? M o l l a. Yəni, adı! Bu Yetər… Çox aydın görünür…. öz oğlu Ömərdən ötəri kitaba baxdırır. Səbəb də budur ki, oğlan arvad almaq istəmir. A r v a d l a r (bir-birinə). Ay qız, görürsən necə tapdı? M o l l a. Hə … hə…. Getdikcə iş qaranlıqlaşır…. Heyf a!… Cavan oğlanın bəxtini bir adam bərk-bərk bağlayıbdır. ömrümdə bu qədər kitaba baxmışam, belə çətin işə hələ rast gəlməmişəm…. (Fikrə gedir.) İş qaranlıqlaşır, amma asana çıxmağa da ümid var. Ancaq … m … m … böyük cin gərək ki, naz edir…. Y e t ə r (əlini tez cibinə uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinə bağışla. M o l l a (gülür). Deyirəm axı, niyə naz eyləyir. Görükür, qarnının ağrısı varmış. Bəh, bəh! Gör nə yaxşı görükür! A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz heç şey görmürük? M o l l a. Bacılar! Siz görə bilməzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır və elə bərk bağlayıbdır ki, heç vaxt arvad ala bilməz. Y e t ə r (əli ilə dizinə vurur). Oğlumun evi yıxılıb gedibdir. M o l l a. Rahat olunuz, belə şeylər mənim əlimdə asandır. Kitabda görünməyiiə görə lazım gəlir ki, o dua ki, mən sizə dedim, gərəkdir yazıla. (Kağız və qələm çıxardıb yazır və büküb Yetərə verir.) Bu duanın qiyməti on manatdır. Bunu axşamdan suya salarsınız, elə ki, suyun içində qarası gedər, ac qarnına verərsiniz, oğlan içsin. Y e t ə r (əlini cibinə uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinə qızıl-gümüş verim? M o l l a. Eybi yoxdur, amma gərəkdir qiyməti bir ola. Y e t ə r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar. M o l l a. Çox olmaq eyib eyləməz, az olmasın. Çünki az olsa, cinin şəninə toxunar. (Şeyləri alıb cibinə qoyur.) Və hərgah istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabah bir qoyun kəsəsiniz. Ətini bütün və bir cam qanından mənə göndərərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir. Y e t ə r. Yaxşı, olmazmı ki, qoyunu sizə göndərəm, özünüz kəsəsiniz? M o l l a. Çox əcəb! O hamısından yaxşı olar. G ü l p ə r i. O yaxşıdır, çünki mollanın kəsməyində də bir iş var. M o l l a. Əlbəttə! Mən kəsən hara, çoban kəsən hara! Bəli, dəxi mən öz işimi qurtardım, nə ki dedim, əlbəttə, hamısına əməl edərsiniz və onu da biliniz ki, hər nə olsa, bir həftədən sonra olacaqdır. Bir həftədən qabaq heç şey olmaz.(Ayağa durur.) G ü l p ə r i. A molla, bircə mənim üçün də dırnağa bax. Yarım aydır beş tümənlik şeyim itibdir, bilmirəm, hansı əliqurumuş götürübdür. M o l l a (oturur). Dırnağa baxaram, ancaq gərəkdir ki, nəziri qabaqca verəsən; çünki verməsən, heç şey görünməz. G ü l p ə r i (əlini cibinə uzadır). Yanımda bircə şahı pulum var, al bunu, sabah da yumurta göndərərəm. M o l l a (fikrə gedir, kitabı açıb oxuyur). Kitaba görə bu gün dırnağa baxmaq olmaz. Allah qoysa, sabah gələrsən, baxapam. (Ayağa durub gedir.) Xudahafiz! Y e t ə r. Xoş gəldin, allah sənə ömür versin! M o l l a (gedə-gedə). Qoyun yadınızdan çıxmasın. Y e t ə r. Arxayın ol! G ü l p ə r i. Qarnına şiş girsin, a molla! Gördün hələ, mənə dırnağa baxmadı! Y e t ə r. Həlbət doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar hamısı kitablarda yazılıbdır, özlərindən demirlər ki. G ü l p ə r i. Doğrudur, a bacı. Gördünmü sən allah, allahın tatı necə yerbəyer hamısını düz dedi! Y e t ə p. Hər kəsə desən ki, Molla Qasım filan şeyi, filan əhvalatı kitabnan tapdı, deyəcəklər: "İnanmayın". Axı, necə inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi və nədən ötrü baxdırıram, hətta onu da bildi! (Üzünü xalqa tərəf tutur.) Bunların hamısını evi yıxılmış birbəbir kitaba baxıb dedi! G ü l p ə r i. İndi görək, bir həftədən sonra nə olacaqdır. Y e t ə r. İnşaallah, belə bilirəm ki, bir ayadək toyunu eliyək! G ü l p ə r i. Bunun toyunu gərək yaxşı eləyəsiniz. Ondan ötəri ki, balacaya arvad alanda toy olmadı. Y e t ə r. Balaca, gözünə döndüyüm, bir gecənin içində qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallah, bunun toyunu yaxşı eliyərik. Sən də gələrsən, a Gülpəri! G ü l p ə r i. Çox sağ ol, ağrın alım. (Durub getmək istəyir.) Y e t ə r. A Gülpəri, bir az otur, danışaq! G ü l p ə r i. Yox, ağrın alım. İndi Qurbanəli evə gələr, çörək istər yeməyə, verən də olmaz. Salamat qal. Y e t ə r. Xoş gəldin! (Üzünü qibləyə tərəf.) Allah! Özün şahidsən, qızıl-gümüşümü verdim. Özün kömək elə! Mollanın duasını səbəb sal! (üzünü xalqa tərəf.) Qoy görüm, Hacı gələndə bir az genə pul ala bilərəmmi ki, mollaya göndərəm, ta işi yaxşı görsün. SƏKKİZİNCİ GƏLİŞ Hacı Abdulla və Yetər. H a c ı A b d u l l a. Qonağın getdimi? Y e t ə r (hirsli). Getdi, getdi. H a c ı Abdulla. Niyə acıqlı-acıqlı danışırsan? Y e t ə r. Acıqlı danışmayım, nə eləyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kənddə xəcalətdən məclislərə çıxa bilmirəm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır". H a c ı A b d u l l a. O sözlər boşdur, hamısı məni tanıyır və mənim dövlətimi də bilir. Və oğlumun dəli olmağı da hamıya məlumdur. Kişi özü istəməyəndə mən gücnən almayacağam ki? Sən de görüm, mən nə eləyim? Y e t ə r. Mən belə bilirəm bu iş dua işidir. Düşmənimiz azdırmı?! H a c ı A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nə istəyirsən onu elə. İstəyirsən dua yazdır, istəyirsən kitaba baxdır. İşim yoxdur. Y e t ə r. (pulu alıb cibinə qoyur). Görərsən ki, bu iş dua işi olacaqdır. DOQQUZUNCU GƏLİŞ Niyazəli, Hacı Abdulla və Yetər. N i y a z ə l i (içəri daxil olur). Salaməleyküm! (Yetər bir tərəfə çəkilib başını örtür.) H a c ı A b d u l l a. Xoş gəlibsən, əyləş görək! N i y a z ə l i. Kefin necədir, Yetər nənə? Y e t ə r (yavaşdan). Sağ ol, əziz olasan. N i y a z ə l i. Mən, doğrusu, gəlmişəm sizi sevindirim. Bir xeyir iş var. H a c ı A b d u l l a, Y e t ər . Nə olubdur, xeyir ola?! N i y a z ə l i. İnşaallah ki, xeyir olar! Üç gün bundan əvvəl sənin oğlun Ömərnən mənim oğlum ova gediblərmiş. Orda arvaddan söz düşüb, Ömər deyib ki: " Hərgah Ağakişinin böyük qızını mənə versələr, alaram". Y e t ə r (tərəfə). Bəs molla deyirdi, bir həftədən sonra məlum olacaqdır? H a c ı A b d u l l a. Bu bir çətin iş deyil. Ancaq mənim üçün ayıbdı, belə varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam. Y e t ə r. Zərər yoxdu, təki o, arvad alsın. N i y a z ə l i. Deyərlər, a Hacı, "oğul atasına oxşar", bu bilmirəm … heç kimə oxşamır. Mənim oğlum deyir: "Qoçaqlıqda əsla əli yoxdur, xasiyyəti də bir özgə xasiyyətdir". H a c ı A b d u l l a. Dorğu deyirsən … mənə oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid də deyəndə odur! Qeyrətli, namuslu, düşmənini həmişə biləndi! (Dişqarıda qilü-qal düşür, tüfəng açılır.) ONUNCU GƏLİŞ Ömər, Niyazəli, Hacı Abdulla, Yetər. Ö m ə r (tez özünü içəri salır, o yan-bu yana gəzinib hirsli danışır). Nə var, nə oturubsunuz? Özünüz öz əliniz ilə evinizi yıxdınız. (Atasına.) O qədər dəlini tərif etdiniz ki, indi bəlasını çəkiniz. (Gəzinir.) H a c ı A b d u l l a, Y e t ə r, N i y a z ə l i. (ayağa dururlar). Nə olubdur ay balam! Nə olubdur? Ö m ə r. Dəxi nə olacaqdır! Bundan artıqdamı şey istəyirsiniz olsun? Oğlun Vəli poçt yolunda dörd nəfər adamı bir-birinin yanına salıbdır. H a c ı A b d u l l a. Öldürübdürmü? Ö m ə r. Bəs neyləyibdir? Məni də az qalmışdı güllələyələr. Pristav elə bilir, gəlib evdə gizlənibdir. Bu saat kazaklar ilə gəlib evin dörd ətrafını kəsdiribdir. (Tüfəng açılır. Hamısı qorxur: Yetər başına, Hacı dizinə vururlar. Niyazəli qaçır.) İndicə pristav gəlib hamınızı tutacaqdır. H a c ı A b d u l l a. Gördün hələ nə oldu?! Allah, özün rəhm elə! Bircə mən gizlənim, demiyəsiniz mən evdəyəm. (Qaçıb gizlənir, Yetər də onun dalınca. Genə tufəng açılır. Ömər bilmir nə etsin, bu vaxt pristav kazaklar ilə içəri daxil olur. Burada adam tapmayıb, özgə otağa gedirlər.) PƏRDƏ * * * Dördüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Vəli və onun qaçaq yoldaşları hamısı yaraqlı Hacı Abdullanın evində. V ə l i. Dünənki kimi işimiz yaxşı olmamışdı. P i r v e r d i. Necə ki? V ə l i. Bundam yaxşı nə istəyirsən ki, beş yüz manata qədər əlimizə pul gəldi. P i r v e r d i. Amma cuhudun yaxşı evini yıxdıq. Ş ə m i l. Pulunu almışdıq, amma gərək özünü öldürməyəydik! İ s m a y ı l. Öldürməyib nə eliyəcəydik? V ə l i. Öldürməsəydik gedib pristava yerimizi deyərdi. P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuhud əskik olsa, böyükmü şey olar? M ə n s u r. Cuhudun boynundan əvvəl vuran kim oldu? V ə l i. Mən. P i r v e r d i. Xeyr, xeyr! Mən idim! İ s m a y ı l. Elədi, əvvəl Pirverdi vurdu, ondan sonra Vəli. V ə l i. Amma mənim qılıncımda da hünər var, ha! Vuran kimi başı düşdü. Ş ə m i l. Elə şeylər çox olacaqdır; min elə cuhud öləcək. Amma görək axırımız nə olacaqdır. P i r v e r d i. Qorxma, inşaallah ki, axırımız da yaxşı olar. Ölsək də igidliklə öləcəyik. M ə n s u r. Doğrudan, görəsən biz öləndən sonra bizə yanan olacaqmı? İ s m a y ı l. Necə olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölə, ona yanmazlarmı? Vəli, sən allah, de görək, bizim bu günə düşməyimizin səbəbi çoxdu, sənə nə oldu ki, qaçaq oldun? V ə l i. Sizinkinə səbəb nə oldu? İ s m a y ı l. Mən, doğrusunu demək, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözləri çəp gəlir. Evə gələndə dedi ki, "hərgah Rzaqulunu bu gecə güllələməsən, mənim oğlum deyilsən". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllənin birini alnından elə vızıllatdım ki, dərhal yerə yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam. M ə n s u r. Mən də o dərddənəm. P i r v e r d i. Mənim işim qız üstədir. V ə l i. Nişannınımı qaçırdıblar? P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nə ki pulum, qoyunum var idi, qızın yanına gedib-gəlirdim. Elə ki, keçən il taxıl kəsad oldu, əlim bir az boş oldu, qızı əsla mənə göstərmədilər. Təngə gəlib bir gecə evdəki adamların hamısını doğram-doğram elədim. Ş ə m i l. Mən hələ adam-zad öldürməmişəm. Elə adım çıxsın deyə, çöllərə düşmüşəm. V ə l i. Mənim qaçaq olmağım da bekara yerə olubdur. Niyazəlinin oğlunnan şəhərdən gəlirdik. Dörd-beş atlı uzaqdan gedirdilər. Yoldaşımnan mərc elədim ki, görək kimin gülləsi olara gedib çatar. İki güllə yoldaşım atdı, hamısı boşa çıxdı. Üçünü də mən atdım. Dördünü də bir-birinin yanına saldım. Oğulammı? H a m ı s ı. Qoçaqsan, vallah! (Hər kəs cibindən fındıq çıxarıb yeyir.) V ə l i. Bu hələ nədir ki! Bundan da hünərli işlər görmüşəm. Bəs atam məni nə üçün Ömərdən artıq istiyir? Hamısı belə qoçaqlıqlarımın səbəbi deyilmi? M ə n s u r. Doğrudan, a Vəli, sənin qardaşın Ömər çox bişüura bənzəyir! V ə l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünə qənşər, neçə dəfə yaman cöz deyiblər, amma bu çağa qədər mərdliklə bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda ərizə yazır, divana yügürür. Ş ə m i l. A Vəli, sən bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı biləllər. V ə l i. Heç kəs bilməz. Gədəyə demişəm Ömərdən savayı başqa adam qoymasın. Gözləyək, bircə Ömər gəlsin, onun üzünə tüpürməyə. Başı necə qəbul eyliyir, mənim üstümdə atamı, anamı qazamata salıblar, amma o öz kefinə gəzir.... İ s m a y ı l. Allahı sevərsən, bizi xataya salma. (üzünü yoldaşlarına tərəf.) Durun gedək, burda dava düşər. V ə l i. Nədən qorxursunuz? Düşər, qoy düşsün. Onu bir gülləyə qurban eliyərəm. Bir az rusca oxuyub, özünü bizdən ağıllımı hesab eliyir? (Acıqlanır.) Ax, ax! Bu hirsli vaxtımda əlimə düşə, qarnını balıq qarnı kimi yarram. (əlini xəncərin dəstəsinə aparır). İ s m a y ı l. Adam da qardaşını öldürərmi? V ə l i. Belə qardaşın boynu yerə batsın. O gün yanına adam göndərib soruşuram ki, necə qeyrəti qəbul eliyir ki, mənim üstümdə atamı, anamı tutublar? Amma özü öz kefinə gəzir. cavab verir: "Çalışıram hamısını qurtaram". (Başını bulayır.) Sən qurtaran adamın başı batsın. P i r v e r d i. Allahı sevirsən, qoy görək! Hərgah mən belə bilsəydim sən bundan ötəri bizi bura gətirirsən, əsla gəlməzdim. M ə n s u r (tərəfə). Evi yıxılmışın gözünü qan örtübdür. İ s m a y ı l (Şəmilə). Durun, yaxşısı budur gedək. Burda bunun xatası var. Ş ə m i l. Durun gedək, mən gedirəm. (Hamı durub getməkistəyir, amma Vəli istəmir.) İ s m a i ı l. A Vəli, sən mənim canım, dur gedək. Burda qalmağın xatası var. V ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, qardaşlıq necə olar. (Hirslənir.) Ax, ax!... Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay Əhməd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, mən bilərdim ki, nə eliyərdim. İKİNCİ GƏLİŞ Ə h m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, hərgah bunların burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı səliqəyə salır.) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ. ÜÇÜNCü GƏLİŞ Ö m ə r (dişqarıdan səs edir). Ay Əhməd, ay Əhməd! Gəl atı tut! Ə h m ə d (tez yüyürür). Gərək ki, ağamdır. ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur və soyunur). At məni nəhayətdə yorubdur. (yerə baxır.) Buralar görəsən nə üçün belə zibildir? Görükür, genə mən olmamışam, Əhməd qonaqlıq eliyibdir. Ay Əhməd!... DÖRDÜNCÜ GƏLİŞ Ə h m ə d. Bəli! (Gəlir.) Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi evi həmişə təmiz saxla? Ə h m ə d. Allaha şükür, nə olubdu ki? Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi? Olmaya genə qonaqlıq edibsən? Ə h m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur. Ö m ə r. Bəs görükür, bu iki gündə heç buraları süpürməyibsən? Ə h m ə d. Sən gedəndən gündə iki yol süpürürəm. Ö m ə r. Yalan danışırsan! Hərgah süpürsəydin, belə olmazdı. Ə h m ə d. Bu indicə olubdur. Ö m ə r. Necə indicə? Ə h m ə d. Belə bu zibilimi deyirsən? Ö m ə r (acıqlanır və otaqda hirsli gəzinir). A ... allahını sevərsən, yaxşıdır! Hələ təzədən üsuliddin soruşacaq! (Gəzinir.) öyrənibsiz, gərək zibil içində əyləşəsiniz. Ə h m ə d . (süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz qardaşın eyliyibdir. Ömər (təəccüblə.). Necə?! Öz qardaşım?! Ə h m ə d. Bəli, sənin qardaşın Vəli! Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar? Ə h m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə xəbər ver". Ö m ə r. (hirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir.) Özün bilmirsənmi onun buraya gəlməyinin böyükxatası var? Ə h m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura. Ö m ə r. Hamısı neçə adam idi? Ə h m ə d. Dörd-beş nəfər olardılar. Ö m ə r. Dürüst hesabını da bilmir. Çoxmu oturdular? Ə h m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər. Ö m ə r. Məni? (Fikrə gedir.) Ə h m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, baxtı yaxşı gətirdi ki, burda olmadı. Hərgah, deyir, burda olsaydı, mən bilirdim nə eliyərdim". Ö m ə r. Qələt edirsən! Ə h m ə d. Vallah ağa, elə dedi! Ö m ə r (hirslənir). İtil gözümdən, rədd ol! (Əhməd dişqarı çıxır.) Məni ... mi?.... (Dayanır, fikir edir.) Gör ha!... O, yəqin ki, məni öldürmək istəyirmiş. (Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf.) A kişi! Gör dünya nə yaman olubdur. İnsanın ürəyinin belə bir daş olmağını aşkar görürəm. Bimərifətlik, nadanlıq adamı bu dərəcədə heyvan edərmiş! Tfu, belə qeyrətə! İnsan belə şeyləri fikir elədikcə, tükləri biz-biz olur.... (Bir az fikirdən sonra.) Ah ... nadanlıq! Böyük bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, müsəlmanı ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ata-ananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək etmək. Amma.... (Fikrə gedib gəzişir.) Amma bizim millətə baxarsan, guya ki, qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi nadanlıq deyilmi? Ah ... ah! Məni ... mi, məni öz qardaşım istəyir öldürsün?(Bu vaxtda dişqarıdan səs gəlir.) M ə h ə m m ə d a ğ a (dişqarıdan). Ay Əhməd, deyirlər Ömər gəlibdir, evdədirmi? Ə h m ə d (dişqarıdan). Bəli, evdədir! BEŞİNCİ GƏLİŞ Məhəmməd ağa və Ömər. Ö m ə r (başını qapıdan çıxardıb çağırır). Məhəmməd ağa, buyurunuz! M ə h ə m m ə d a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz! Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir.) M ə h ə m m ə d a ğ a. Bir şey edə bildinizmi? Ö m ə r. Necə ki? İkisini də qurtardım. M ə h ə m m ə d a ğ a. Həqiqətmi?! Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, evi tədarük edim. M ə h ə m m ə d a ğ a. Bəs söhbət ediniz görək, iş nə yerdə qurtardı? Burda səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər. Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "hərgah qeyrisi olsaydı, yəqinki, Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeh edir". M ə h ə m m ə d a ğ a. Onu doğru deyir. Ö m ə r. Xülasə, bu barədə söhbətimiz çox oldu və axırda dedi ki, "sizin mərifətinizə ümidvaram ki, zakonun bərəksinə getməzsiniz. Bu barədə sizin onlardan qanacaqlı olmağınıza şəkkim yoxdur. İnşaallah, işi bir tövrliklə görərsiniz ki, nə sizə və nə sizin ata və ananıza yamanlıq olmasın". Dəxi nə deyim? Özünüz bilirsiniz ki, dil və zakon bilmək belə ittifaqlarda iş görür. M ə h ə m m ə d a ğ a. Amma onu da yəqin ediniz, hərgah bu iş bir də təkrar olunsa, dəxi qurtarmaq qeyri-mümkündür. Ona görə lazımdır ki, işinizdə həməvaxt ehtiyatlı olasınız, qardaşınız Vəli ilə gərəkdir bilmərrə əlaqənizi üzəsiniz. Ö m ə r. Əlbəttə, gərəkdir elə ola. Vallah, mən dəxi bundan sonra işə qarışmayacağam. Belə şey olmaz ki, bir adamın ağlının səbəbindən bu qədər adam puç ola. Doğrudur, qardaş şirin olar və onun pis günü mənimdir. Amma nə etməli ki, avamlıq, tərbiyəsizlik, bimərifətlik gözlərini kor və ürəyini daş edibdir, bilmərrə insan cərgəsindən çıxıbdır. M ə h ə m m ə d a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsəlmanın çoxu belədir. Ö m ə r. Xeyr, bunun tək mən görməmişəm. Zira ki, bir qardaş ki öz qardaşının ölməyinə qəsd edə, ondan əskik, ondan biinsaf adam olarmı? M ə h ə m m ə d a ğ a. Nə söyləyirsiniz? (Ayağa durub Ömərin əlindən tutur və təəccüb edir.) Necə? Qardaşınız sizincanınıza qəsd edir? Ö m ə r. Bəs görükür bilmirsiniz. (Başını yerə tutur.) M ə h ə m m ə d a ğ a. Xəbərim yoxdur. Ö m ə r. Yaxşı ki, xəbəriniz yoxdur. Hərgah bilsəniz, yəqin qanınız xarab olar. M ə h ə m m ə d a ğ a. Siz mənim canım, deyiniz görüm, nə olubdur? Ö m ə r (üzünü özgə tərəfə tutur). Doğrusu, mənim eybimə gəlir deyəm. M ə h ə m m ə d a ğ a (Öməri tutur). Xeyr, gərək deyəsiniz görüm nə ittifaq düşübdür? Ö m ə r. Nə? (Fikrə gedir.) Məni?... Ah ,.. Allah!.... (Fikrə gedir və başını əli ilə tutur.) Məni qardaşım....öldürmək istəyir.... (yerə baxır.) M ə h ə m m ə d a ğ a (təəccüblə). Nə deyirsiniz? Belə şey olmaz! (Tərəfə.) Mən belə şeyə inanmıram. Ö m ə r. İnanmırsınız? Bizim gədədən sual ediniz. M ə h ə m m ə d a ğ a. Gədə hardan bilir? Ö m ə r. Yoldaşları ilə bu gün buraya gəlibmişlər. Hənuz bu qəsd ilə ki, məni evdə tapıb öldürsünlər. M ə h ə m m ə d a ğ a. Buraya gəlibmişlər?! (Təəccüb edir.) Pərvərdigara! (üzünü xalqa tutur.) Gör, insan da bu məqamaçatarmış!... Ya rəbb! Görəsən, bundan da yaman dəhşətli zəmanə olacaqdırmı? Ö m ə r (Məhəmməd ağanın yanına gəlir). Mən bir cana borcluyam; özümdən fikir etmirəm. Ancaq mənim heyfim atama, anama gəlir ki, məndən sonra sağ qalsalar, hər divanənin ucundan böyük bəlalara giriftar olacaqlar. M ə h ə m m ə d a ğ a (hirslənir). Onların borcudur yaman günlər görmək, zira ki, bunun bu tövr insafsız hərəkətlərinə səbəb ata və ananın tərbiyəsidir. Ö m ə r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata və ananın tərbiyəsinə bağlıdır. Amma bunlarda da günah yoxdur. Çünki onların qanacaqlarına görə tərbiyə belə lazımdır. Mənim fikrimcə, günah bir mənim ata və anamda deyil, bəlkə müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insana ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir halda bulunur. Bu tövr bədbəxtlik hər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar. M ə h ə m m ə d a ğ a. Bircə deyin görüm, nə səbəb Vəli sizinlə ədavət başlayıbdır. Ö m ə r. Mənimlə ədavətinin səbəbi odur ki, onun düşmənini mən öldürmürəm. Bu barədə də kərrat ilə mənə sifarişgöndəribdir. Amma mən cavab vermişəm ki, mən heyvan deyiləm. (Əyləşir.) M ə h ə m m ə d a ğ a (tərəfə). Gəl bundan sonra insana inan! Bir ata-ananın balası belə ədavət başlayanda, dəxi yadların işlərinə nə üçün təəccüb edirik? (Gəlib Ömərin əlindən tutur.) Salamat qalınız! Doğrusu, artıq qalıb belə sözlər eşidib, qanımı xarab etmək istəmirəm. Ö m ə r (ayağa durur). Məhəmməd ağa! Bir az dayanınız. İndicə ola ki, onlar da gələlər. Mən də təkəm, əyləşiniz, bir az söhbət edək. Heç hirslənməyin, bunlar hamısı keçər gedər. M ə h ə m m ə d a ğ a (əyləşir). Axı, mən necə hirslənməyim ki, gözüm görə-görə insan heyvan dərəcəsinə çatıbdır. Ö m ə r. Zərər yoxdur. Məşhur məsəldir deyirlər: "yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər". İndi mən də əlimdən gəldiyi yaxşılığı edəcəyəm. H a c ı A b d u l l a n ı n s ə s i. Ay Əhməd! Ay Əhməd! Ö m ə p. Gəldilər. (Ayağa durur.) Siz əyləşin, mən gedim yerbəyer edim. (Dişqarı çıxır.) M ə h ə m m ə d a ğ a (ayağa durur). Həqiqət, Ömər mənim heyfimə gəlir. Özü nəhayətdə qanacaqlı, mərifətli oğlandır. Doğrudur, Ömərin başına bir iş gəlsə, biçarə qocalar tövrbətövr bəlalara giriftar olacaqlar. (Fikrə gedir.) ALTINCI GƏLİŞ Hacı Abdulla, Ömər və Məhəmməd ağa. M ə h ə m m ə d a ğ a (geri dönüb Hacının qabağına gedir). Allaha şükür olsun ki, sağ və salamat evə gəlib çıxdınız! (Baş əyib əlini verir.) H a c ı A b d u l l a. Çox sağ ol! Oğulun bəlasını ata-ana gərəkdir çəksin. (Əyləşir. Ömər qapının yanında durur.) M ə h ə m m ə d a ğ a (tərəfə). Başına dəyibdir, ləzzətini görübdür. (Hacıya tərəf.) İnşaallah ki, bundan sonra başınız belə bəlalar görməz! H a c ı A b d u l l a. İnşaallah! (Ömərə.) Get gör, anan hərgah dərman istəsə, ya gədəni göndər, yainki özün get. (Ömər çıxır.) M ə h ə m m ə d a ğ a. Xeyir ola, nə olubdur ki? H a c ı A b d u l l a. Özün bilmirsənmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir. M ə h ə m m ə d a ğ a. İnşaallah. Heç şey olmaz. YEDDİNCİ GƏLİŞ Niyazəli, Qurbanəli, Ağakişi, Hacı Abdulla və Məhəmməd ağa. N i y a z ə l i, Q u r b a n ə l i, A ğ a k i ş i. Salaməleyküm, a Hacı! N i y a z ə l i. Gözümüz aydın, a Hacı! Allah-taala genə sağ-salamat qurtardı! Q u r b a n ə l i. Görükür, allahın şafqatı keçibmiş! A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları həmişəlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vəli ələ düşə. Naçalnik gördü ki, belə şeynən ələ gələn deyil, buraxdı. H a c ı A b d u l l a. Yox, elə deyil, bizim işimiz lap katericni dalı da pasılyan kəsilirmiş, çünki naçalnikə xəbər verirlər ki, guya Vəli gecələr bizdə yatır. Allah Ömərin işinə varsın, ərizəynən, şahidnən bizi bir tövr qurtardı. M ə h ə m m ə d a ğ a. Naçalnik özü sizinlə danışdımı? H a c ı A b d u l l a. Necə ki! Gələndə bizi öz yanına aparıb nəsihət verdi və dedi ki, "onu yəqin bilin ki, Ömərin xatirəsinə buraxıram; çünki Ömər, ümidvaram ki, zakona bərəks getməz və sizi pis yoldan daşındırar". N i y a z ə l i (tərəfə). Gör sən allah, işə bax! Atanı oğula tapşırır! A ğ a k i ş i. Görükür rusca bilməyinə, sözü də ötgündür. Q u r b a n ə l i. Elə olacaq, elə.... M ə h ə m m ə d a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz. H a c ı A b d u l l a. Ay Əhməd! Ə h m ə d (eşikdən). Bəli!.... (İçəri daxil olur.) SƏKKİZİNCİ GƏLİŞ Əhməd, əvvəlkilər Ömərdən başqa. H a c ı A b d u l l a. Ömər evdədimi? Ə h m ə d. Xeyr, getdi dərman almağa. H a c ı A b d u l l a. Yaxşı, get! (Fikrə gedir.) Allah düşmanıma da qazamatı göstərməsin. A kişi, tək olsan, genə yaxşıdı, Yetər də bir yandan! A ğ a k i ş i. Yaxşı, indi bəs Vəlinin barəsində nə fikir eliyirsiz?N i y a z ə l i. Nə eliyəcək? Öz kefinə gəzir, qoy gəzsin. H a c ı A b d u l l a. Ömər deyir, qoy tutulsun. Ondan ötəri ki, naçalnik deyib ki, "hərgah özü tutulsa, ola bilər ki, az tənbeh oluna". Və deyir: "Biz özümüz də arxayın olarıq". Mən də fikir eliyirəm, görürəm, doğrudur. A ğ a k i ş i. Allahı sevirsən, qoy görək! Xalqın yanında hörmətin var, onu da istəyirsən puçmu eliyəsən? N i y a z ə l i. Elə də şey olarmı ki, gözün görə-görə oğlunu aparıb qazamata salalar! Q u r b a n ə l i. A Hacı, ağlını uşaq ağlına vermə, hörmətin itər gedər. M ə h ə m m ə d a ğ a (tərəfə). Sizi görüm hörmətdən düşəsiniz, inşaallah! DOQQUZUNCU GƏLİŞ Eşikdə birdən tüfəng açılıb qilu-qal düşür. Səs gəlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinə qarışır. Hacı Abdulla və Məhəmməd ağa dişqarı qaçırlar. Yetər ağlayır. Öməri əllərində içəri gətirirlər. Hacı Abdulla başına vurur. Öməri yerə qoyurlar, qeyriləri deyirlər: "Heyf sənə, cavan oğlan!" Məhəmməd ağa Ömərin başının üstə durub, başını sığal edir. Xalq səs salır. Eşikdən səs gəlir, Hacı özünü itirir. M ə h ə m m ə d a ğ a. Allahı sevirsiniz, səs salmayın! (Ömər gözlərini açıb-yumur, yavaşdan danışır.) Qoyun görək, nə deyir! Ö m ə r. Mənim əzizim Məhəmməd ağa, mən dünyadan gedirəm. H a c ı A b d u l l a (başına vurur). Anasına deyin gəlsin. M ə h ə m m ə d a ğ a. Bircə təvəqqe edirəm, səs salmayın! (Hamı xamuş olur.) Qardaş, Ömər, kim vurdu? Ö m ə r. Özün ... bilir ... sən!.... (Səs gəlir.) M ə h ə m m ə d a ğ a. Ş ... ş.... Qardaş! Necə özün bilirsən? Əməlli danış. Allaha şükür, səndə bir şey yoxdur. Danış, söylə, rahat ol və vəsiyyət elə. Atan, anan yazıqdırlar. H a c ı A b d u l l a. Doğru deyirsən, bircə qoy vəsiyyət eləsin görək, kim güllələdi? M ə h ə m m ə d a ğ a. Bircə siz aram olun! Qardaş!... Ömər!... Səni mənə dediyin adammı güllələdi? Ö m ə r (başını bulayır). Xeyr!... Məni ... nadanlıq ... avamlıq ... bi ... mərifətlik güllələdi. Bunlar hamısı.... (Tərpənir.) Ah!... Adamı ... heyvan edərmiş! Ah! Nadanlıq!... M ə h ə m m ə d a ğ a. Dəxi nəfəsi gəlmir. (Gözlərini və ağzını örtür.) PƏRDƏ * * * == Bahadır və Sona == Bahadır və Sona ƏHLİ-MƏCLİS B a h a d ı r-- cavan oğlan, student libasında. Y u s i f-- Avropa libasında, 50 yaşında. M a ş o-- onun arvadı, 40 yaşında. S o n a-- cavan qız, Yusifin qızı. D a n i e l-- Yusifin nökəri, 17 yaşında. S o l t a n, A l e k s e y-- Bahadırın yoldaşları, student libasında. Z i n o l i n-- Bahadırın nökəri, tatar paltarında. B e ş d ə l i (paltarları -- beşinci məclisə bax.) N ə z a r ə t ç i-- dəlixananın böyüyü, ağ xalatlı, başında ağ yaylıq. * * * Birinci məclis Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar. ƏVVƏLİNCİ GƏLİŞ Zalda Maşo və Sona. M a ş o. Bir az tez ol, indi gələrlər, saat 12-dir. S o n a (güzgü qabağında başını düzəldir). Bu saat, anacığım! Bu saat! M a ş o. Bu qulluqçuya deyərsən xörəyi də tez hazır etsin. S o n a. Yaxşı, anacığım, yaxşı! (Bu vaxt zəng vurulur.) Gəldilər! M a ş o. Gəldilər! (Maşo və Sona tez yan otaqdan çıxırlar.) İKİNCİ GƏLİŞ Yusif və Bahadır. Y u s i f. Buyurunuz, əyləşiniz! Siz bizim evə xoş gəlibsiniz! B a h a d ı r. Təşəkkür edirəm! Y u s i f. Təəccüb deyilmi? Sizinlə görüşməmişdən bir neçə gün müqəddəm mağazaya qeyri studentlər də mal almağa gəlirdilər. Nə üçün sizə etdiyim təklifi onlara etmədim, bilmirəm. Sizi görəndə isə deyəsən biri dedi sizdən soruşum. B a h a d ı r. Bəli, çox təəçcüblüdür! Mən də tamam bir həftədir mahud almaq istəyirdim, fəqət bu gün-sabaha qoyurdum. Nə üçün mən dünən mahud almağa getdim, bilmirəm. ÜÇÜNCÜ GƏLİŞ Sona, Bahadır, Maşo, Yusif. Y u s i f (ayağa durub Maşonun qabağına gedir). Bu mənim yoldaşım. (Sonaya tərəf.) Bu da mənim qızım. (Bahadırı göstərib.) Bu da haman studentdir ki, dünən sizə nəql etdim. Yəni Sonanın müəllimi. B a h a d ı r (durub hamısına əl verir). Artıq dərəcədə şadlıqla bu vəzifəni qəbul edirəm. (Sonaya diqqətlə baxıb kənara.) Əcəba! Bu, meşədə gördüyüm qız deyilmi? M a ş o. Təşəkkür edirik. S o n a. Təşəkkür edirəm. (Diqqətlə Bahadıra baxıb.) Əcəba! Bu, meşədə gördüyüm student deyilmi? Y u s i f. İndi siz söhbətə məşğul olun. Mən bu saat gəlirəm. (Bağçaya gedib stol hazır etdirir və Daniel stolu hazırlayır.) M a ş o. Həqiqət, sizinlə dost olmağımıza nəhayətdə şadıq! S o n a. Bəli, anamın sözlərinə mən də şərikəm! B a h a d ı r. Doğrusu, bu saatı ömrümdə gözəl saatlardan biri hesab edirəm. M a ş o (gülə-gülə). Məngilis xoşunuza gəlirmi? B a h a d ı r. Bəli, gözəldir. Şam ağacından meşə daha gözəl görsənir. Y u si f. Buyurun, bağçaya gedək. (Hamı durur, pillkənlə bağçaya enir. Stol başında Yusif, bir başında Maşo, bir tərəfdə Bahadır, onunla üzbəüz Sona.) Naharımızı burada edək. Bilirsiniz, yaylağın bir yaxşılığı da budur ki, şəhərdəki kimi dürlü-dürlü qanunları gözləmirsən. Məsələn, burada bir kölgəlikdə oturub xörək yemək olar.... (Bahadıra.) Hərgah istidirsə, tucurkanızı çıxarın. B a h a d ı r. Xeyr, xeyr! Y u s i f. Buyurunuz, yeməklə məşğul olunuz. (Hamı yeyir.) B a h a d ı r. Bağışlayınız, Sona xanım, sizdən bir şey soruşum? S on a (gülümsünüb). Buyurunuz! B a h a d ı r. Nə üçün siz farsca oxumaq fikrinə düşübsünüz? Y u s i f (gülümsünüb). Qızım! Olarmı bu suala mən cavab verəm? S o n a (gülümsünüb). Bilirəm nə deyəcəksən, de. Y u s i f (yeyə-yeyə). Doğrusu, hər adamın bir naxoşluğu olar. Biri görürsünüz papiros çəkir, biri içki sevir. S o n a. Atacığım! Bunlara insan adət edir, nəinki sevir. Y u s i f . Yaxşı, qızım, mən səhv etdim, adət edir. Məsələn, biri tansı sevir, o birisi musiqini. (Sonaya.) Beləmi, qızım? S o n a (gülümsünüb). Bu yarar, mətləbi belə başlasan, axırda düz gələr. Y u s i f (Bahadıra göz vurur). Yaxşı, qızım! Sən deyən olsun. Biri musiqi sevir, biri tans, Sona da, məsələn, dil bilmək sevir, yəni dillərə aşiqdir. (Sonaya.) İndi yaxşı dedimmi, qızım? H a m ı (gülürlər). Ah! Ah! M a ş o. Həqiqət, Sonanın uşaqlıqdan dillərə məhəbbəti var. Tiflisdə, bizim qonşuluqda müsəlman çox olurdu. Yeddi yaşında türk dilini təmiz bilirdi. Bir çətin söz eşidəndə bir neçə dəfə onu təkrar edərdi ki, o sözü unutmasın. İndi də yadımdan çıxmaz, bir gün unutmasın deyə səhərdən-axşamadək deyirdi: "Tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox". H a m ı (gülürlər). Ah! Ah! B a h a d ı r (Sonaya). Xanım əfəndi! Bu tapmacanı unutmuyubsuz ki? S o n a (gülümsünüb). Xeyr! Bundan savayı çox tapmacalar bilirdim. Çoxunu, əlbəttə unutmuşam; fəqət bunu çox sevdiyimdən unutmamışam. Həqiqət, çox gözəl şeydir: tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox! H a m ı (gülürlər). Ah! Ah! Y u s i f (Bahadıra). Bundan çox şeylər eşidəcəksiniz. Türkcə yaxşı şerlər bilir.... O necədir, qızım? (Sonaya tərəf.) Yarəb.... S o n a, (gülümsünüb). "Yarəb, həmişə lütfünü et rəhnüma mənə. Göstərmə ol təriqi ki, getməz sənə, mənə". B a h a d ı r. Yaşayınız, afərin, xanım əfəndi! Nə təmiz, nə gözəl ləhcə ilə bu şeri buyurdunuz.... Y u s i f. Afərin, qızım! S o n a (baş əyir). Təşəkkür edirəm. Bu mənim sevgili duamdır. Təklikdə qəm mənə üz verərsə bunu oxuyuram. Ürəyim sakit olur. Bilirsinizmi, mən ixlasla inananlardanam. Əvvəl səbəbə belə şerləri sevirəm, hər dildə olmuş olsa da. B a h a d ı r. Necə inananlardansınız? Düşünmürəm xanım əfəndi? S o n a. Məncə, inam məsələsində adamlar beş qism olur. Y u s i f. Siz söhbət edin. (Çıxır.) M a ş o. Mən də bu saat gəlirəm. (Çıxır.) S o n a. Bəli, məncə, inam məsələsində insanlar beş qism olur. B a h a d ı r. Buyurun. S o n a. Bir qism avam kor-korana, hər nə deyərsən, inanar, yəni qulluq etdiyi məbudu öz əqli ilə tanımayıb qeyrilərin sözlərilə tanıyır. Bu qism adamları haraya aparsanız gedərlər, nəyə müqəddəs deyərsən inanarlar, heç bir şeyə gərək olmayan şeylərə səcdə edərlər, quru daşları öpər ki, --bununla belə uşaq kimi ürəkləri saf, dəyanətli, nəhayət dərəcədə sadiq və mehriban olub, dürüst olanı tanımaz. Yəni, onun varlığını bütün vücudla hiss etməz. İkinci qism adamlar öz əməllərində bir şeyə inanmayıb, fəqət əvvəlinci qism adamlara həmişə yol göstərən olarlar. Ürəkləri saf avamlara həmişə deyərlər: inan, özləri inanmazlar, filan şeyə səcdə et, özləri etməzlər. Zahirdə hər bir əməli yerinə yetirərlər, fəqət batində nəinki bərəksinə hərəkət edərlər, hətta biçarə avamlara gülərlər.... Bu qism adamlar həmişə allahdan, onun ehkamından dəm vurarlar, fəqət özləri öz dediklərinə inanmazlar.... Çünki həqiqi məhəbbəti-rəbbaini bunlarda olmaz və ola da bilməz. Çünki həqiqi məhəbbət hər bir şeydən təmiz, müqəddəs bir hissdir. Bunlar isə həmin məhəbbəti hər saatda, hər dəqiqədə bazarda alma satan kimi satarlar, çünki bunu özlərinə sənət ediblər. Miz qayıran usta mizə gündə bir rəng verib satan kimi, bu qism adamlar allahın ehkamını da dürlü-dürlü məna verib, avama satarlar. Allahın varlığını bunlardan soranda yüz min dəlillər ilə təsdiq edirlər. Fəqət gizlində vicdanlarını daima satarlar.... Üçüncü qism adamlar avara bir qismdir. Bunlar nə avamdırlar, nə də alim. Bunlar bünövrəsiz yalançı pəhləvanlara bənzərlər. Onun-bunun ağzından yarımçıq məlumatları alıb, öyrənib, din məsələsinə həmişə girişərlər. Özlərini ariflər cərgəsində tutub zahirdə bir şeyə inanmazlar, batində isə hər bir müşkül işlərində tez allahı köməyə çağırarlar. Fəqət allah nə olduğunu da düşünməzlər. Dördüncü qism: müəyyən bir əqidə sahibləridirlər. Bunlar tam ömürlərini elm yolunda sərf edib, elmdən başqa bir şeyə pənah aparmazlar və inanmazlar.... Qeyriləri ancaq dəhşətli bir vaqiədə allahı köməyə çağırırlarsa, bunlar belə bir halətdə də elmdən başqa heç kimə səcdə etməzlər. O ki, qaldı beşinci qism (gülümsünüb), bu qism adamlar mənim kimi olar. (Başını aşağı salıb.) Bu qism adamlar bir allahdan başqa heç bir şeyə inanmazlar. Fəqət allaha olan məhəbbət qorxu səbəbinə olmayıb, yəni demək istəyirəm həm dəhşətli bir vaqiədə və həm də böyük bir səadətdə bulunduğum halda mən allahımı unutmuram, onu var qüvvətimlə sevirəm, onu hər zamanda, hər məkanda görürəm, hiss edirəm, düşünürəm. Gecə ulduzlu, gündüz təmiz, buludsuz göyə baxıram da allahımı düşünürəm. Bu gözəl gülün ətri, nazik zərif yarpaqları, o bülbülün nəğməsi, bu qırmızı gözəl almalar, almalarda olan toxumlar, toxumlardan əmələ gələn budaqlı, gölgəli ağaclar, bu ağacları becərən insanlar, insanlara tabe olan dəhşətli heyvanlar ... bunların hamısında, bütün həyatımızda hər saat, hər dəqiqədə allahı görürəm, hiss edirəm, düşünürəm.... Ah, inanmaq nə böyük səadətdir! Yarəb, həmişə lütfünü et, rəhnüma mənə. Göstərmə ol təriqi ki, getməz sənə, mənə! Bu sözləri həmişə təkrar edəndə sanki bir böyük dağ üstümdən götürülür. Bu mənim sevgili duamdır, bunu zikr etdikcə, guya ürəyim təmizlənir, ümidim artır. İstiqbalım böyük bir səadətdə görünür.... Ah, nə gözəl bir aləmdir! Tam həyat məhəbbətdən ibarət bir şey görünür. İnanınız. İnanmaq böyük səadətdir. Y u s i f (pilləkəndən düşə-düşə). Bunlar şirin söhbətdədirlər. (Sonaya.) Qızım! Bahadır bəy bu üç ay leksiyalardan xilas olub rahat olmaq istəyir, sən başlayıbsan leksiya oxumağa. Ah, ah! (Bağçada gəzinir.) B a h a d ı r. Xeyr, xeyr, çox yaxşıdır! S on a (Bahadıra). Əfv edin, sizə başağrısı oldu, deyilmi? B a h a d ı r (gülümsünüb). Yox, xanım əfəndi, sözlərinizə artıq dərəcədə qulaq asıram. Sizin sözləriniz məni bir qeyri aləmə dəvət edir. Doğrusu, mən özümü dördüncü qismdən hesab edirdim. Yəni elmdən başqa heç bir şeyə inanmazdım. Fəqət indi (fikirli) siz məni bir qeyri aləmə dəvət edirsiniz.... Həqiqət, görünür mən də böyük bir səadətdə olacağam. İnanacağam, allahımı sevəcəyəm, hiss edəcəyəm, düşünəcəyəm.... (Bir az fikirdən sonra.) Mən sizi dünən meşədə gördüm, siz arxanız üstə uzanıb kitab oxuyurdunuz ... və hərdənbir ətrafınıza baxırdınız.... S o n a. Mən də sizi gərək ki, gördüm, siz məni görüb nə fikir etdiniz? B a h a d ı r. Sizinlə tanış olmağı mən dərhal fikrimdən keçirtdim.... S o n a (yerə baxıb). Mən də.... (Tez yerindən durub Yusifə tərəf gedir, qucaqlayır.) Atacığım, bilirsənmi bir qəribə iş olubdur! Dünən biz bir-birimizi meşədə görmüşük. Hər ikimizin xəyalından bir-birimizlə tanış olmaq keçibdir. İndi bu işə heyran qalmalı deyilmi? Y u s i f (gülümsünüb). Bundan məlum olur ki, siz ikiniz də saf ürəkli cavansınız. Siz təmiz ürəklə bir-birinizi görmək istəyibsiniz. Allah da sizi görüşdürübdü.... Mən yəqin etmişəm, daha doğrusu, inanmışam; təmiz ürəklə nə istəsən allah axırda onu verər. İndi mən çox şadam ki, Bahadır bəy sənə dərs verəcəkdir. (Sonanın başını seyqəl edir. Bahadıra.)Bahadır bəy! Əsil məqsud budur ki, Sona türk, fars dillərini doğrudur, sevir: fəqət sevməkdən savayı bu dilləri bilmək Sona üçün xeyirsiz də deyil. Sona bir çox erməni qəzetələrində yazır, erməni ədəbiyyatında məşhur olubdur. İndi İrana dair bir şey yazmaq fikrindədir, ona görə farsca bilməsi məsləhətdir. Mən sizdən təvəqqe edirəm sabahdan köçüb bizə gələsiniz. Bu üç ay yayı bizimlə bir yerdə olasınız. Həm sizin üçün və həm də Sona üçün yaxşıdır. B a h a d ı r. Artıq dərəcədə özümü xoşbəxt bilirəm. Y u s i f. İndi qızım, Bahadır bəyə otaq göstər, sabahdan köçüb gələr. Allah xeyir versin. (Bahadır, Sona zala gedirlər, Yusif bağçadan çıxır.) PƏRDƏ * * * İkinci məclis Bağçada. B a h a d ı r (tək oturub əlində qəzet oxuyur. Bup az fikirdən sonra.) Avqust ayı da gəlib çatdı.... Günlərim, dəqiqələrim ciddi surətdə yeriş edir.... Mümkün olsaydı, dəqiqələrimi gün, günlərimi ay edərdim. Sona kimi təmiz, pakizə bir vücuddan ayrılmaq dəhşətli bir vaqiəyə hazırlaşmaq kimi nəzərə gəlir.... ƏVVƏLİNCİ GƏLİŞ Sona və Bahadır. S o n a (əlində kitab, gülə-gülə gəlir). Siz dünən millət sözünü bəyan edib dediniz, "millət bir dində bulunan camaat". Fəqət bu gün oxuyarkən "qövm" sözü rast gəldi və haman mənada işlənir, deyilmi? B a h a d ı r (yerindən durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mənada işlənir. Fəqət yaxşı olar ki, işlənməsin. Məsələn: xristian milləti dedikdə bir çox qövmün bir dinə qulluq etməyini göstərir: ruslar, fransızlar, almanlar, xristian millətidirlər, türklər, ərəblər, farslar bir dinə qulluq etməklərinə səbəb islam milləti adlanırlar.Fəqət bunların hər birisinin özlərinə məxsus adətləri, dilləri vardır. Demək ki, bir çox qövmlərin birləşməyinə din səbəb olarsa da, hər bir qövmə məxsus dil və adət onları bir-birindən ayırır. Din qövmləri bir nöqtədə birləşdirərisə qövmiyyət bunları yüz nöqtədə bir-birindən ayırar. Din bir çox qövmə ümumi bir tərəqqi yolu göstərər isə hər qövmə məxsus tərbiyə, adət, dil haman qövmün qeyri bir yol ilə tərəqqiyə yeriş etməyinə səbəb olar. (Fikir). Xristian dinində olan qövmlər ciddi bir sürətlə yol tutub gedirlər. Bir qövm elmdə artıq dərəcədə tərəqqi edirsə də o birisi onun dalınca çaparaq gedir. Fəqət.... Ah!.... (Başını tutur.) S o n a (Bahadıra diqqətlə baxır). Bahadır bəy! Nə üçün ah çəkdiniz? A! Nə üçün əhvalınız dəyişdi. B a h a d ı r. Heç, xanım əfəndi! S o n a. Xeyp, sizin ahınızdan mən özgə bir şey anladım. Təvəqqe edirəm məndən heç bir şeyi gizlətməyəsiniz. B a h a d ı r. Həqiqət, xanım əfəndi, sizə dair bir söz demədim! S o n a. Bahadır bəy! Hərgah indi çəkdiyiniz ahın mənasını söyləməsəniz, ürəyimdə bu bir böyük dərd olar. Bilirsiniz, qızın ürəyi oğlanınkı kimi deyil. B a h a d ı r. Xanım əfəndi! Mən xristian dinində olan qövmləri nəzərimdən keçirdikdə dedim: bu qövmlər tərəqqi yolunda çaparaq bir-birini qovurlar. Bu vaxt istədim islam dinində olan qövmlərdən də sizə misal gətirəm. Fəqət onlar pərişan bir halda nəzərimə gəldi.... Budur, xanım əfəndi, mənim ahımın səbəbi! S o n a (ətrafa baxıb bir az fikirdən sonra Bahadırın əlindən tutub). Fikrinizi aşkar etmək üçün təşəkkürlər edirəm. Ümidvaram ki, bundan sonra bu barədə fikirlərinizi məndən gizlətməyəsiniz.... B a h a d ı r. Xeyp, xanım əfəndi! Gizlətmərəm ,fəqət söyləməyə də sözüm yoxdur. Nə söyləyim də? İslam dinində olan qövmlərin hankı birini meydana gətirib də dedim: budur, tərəqqi yoluna üz qoyub gedirlər.... Nə isə, islam milləti ümumən bir bəlaya mübtəladır. S o n a. Həqiqət, çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilər bu yolda böyük rollar oynayırlar, deyilmi? B a h a d ı r (gülümsünub). Bəli, xanım əfəndi! Zahirdə həqiqət belə görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım gəlir. Hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə düşmən olublar, yəni tərəqqi yolunu mümkün olan qədər camaatın üzünə bağlı qoyublar. Lakin bu məsələdə xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da padşahlar və dövlətlər ruhanilərlə müdam müharibədə bulunublar. Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyib.... Padşahlar, daha doğrusu,dövlətlər isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin tərəqqisinə çalışmağa labüd olublar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin zəncirlərindən yavaş-yavaş xilas edibdir: müsəlman aləminə diqqət edərsinizsə, bu müharibəni görməzsiniz. Padşah həm xəlifə olubdur, həm də dövlətin yol göstərəni. Padşah, ya xəlifə, ya zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu yer üzünə qəsdən və ya səhvən bağlayıbdır.... Daha açıq söyləyim: insanın məişətinə, dünyasına dair məxsusi qanunlar ibadətə dair qanunlarla bir gücdə saxlanıbdır. Xristian aləmi haman müharibənin zoruna bu qanunları bilmərrə ayırıbdır. Yəni xristian ağlı müdam tərəqqi yolunda işlərkən müsəlman ağlı əski qanunlarla kifayət edib paslanm?sd?r.... Demək ki, islam barəsində bədgüman olanlar "lujiq" aləmində öz səhvlərini düşünməyirlər. İslam həqiqət, tərəqqiyə, yəni elmə düşmən olsa idi, ərəblər islamı qəbul edəndən sonra bir zaman tərəqqi yolunda olmazdılar. Əcəba, nə üçün əxlaqları büsbütün pozulmuş ərəblərə dini-islam gəldi? Əlbəttə, əxlaqı pozğun qövmün əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək üçün. Açıq söyləyim: bir camaat, ya qövm üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat, ya qövm səbəb olar, deyilmi? S o n a. Bəli. B a h a d ı r. Belə olan surətdə demək olurmu: filan din, filan camaatın, ya qövmün təmizliyi üçün gəlibdir? Buna bərəks gərək deyilə: hər din camaatın tərəqqisi üçün gəlir, din gətirən camaatın xeyrini nəzərdə tutur. Dini qəbul edib onun intişarına çalışanlar nazik bir nöqtəni anlamaq istəmirlər.... Xristian dinini intişar edənlər bir Lüterin çıxmağına səbəb olan kimi islam aləmi də öz Lüterini gözləyir. Bu "Lüter" gəlib də deyəcək: insan daima tərəqqi yolunda yaşayarkən, onun məişəti və ağlı müəyyən, həmişəlik bir qanuna kifayət edə bilməz. Haman bu mətləbi islamı gətirən aşkardeyibdir: hər bir işi ağla həvalə et, ağıl nə buyurarsa, ona əməl et. Fəqət bu iki mənsəb --padşahlıq-xəlifəlik, bir vücuddan olmaq, yəni fikir olunan müharibənin olmamağı bu gözəl və tamam düyünləri açan sözlərin gizlin qalmasına səbəb olubdur. S o n a. Bəli ... düşünürəm.... Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir. İKİNCİ GƏLİŞ Sona, Bahadır, Daniel. D a n i e l. Bahadır bəy! Yoldaşınız Aleksey sizi görmək istəyir. B a h a d ı r (ayağa durur). De gəlsin. S o n a. Yavaş, qoy mən gedim sonra. B a h a d ı r. Nə üçün, xanım əfəndi! Siz tanışsınız ki. S o n a. Yox, yenə necə olsa yaxşı deyil, bəlkə gizli sözü var. B a h a d ı r. Yaxşı, xanım əfəndi! S on a (Danielə). De gəlsin. (Özü çıxır). D a n i e l. Baş üstə. (Gedir). ÜÇÜNCÜ GƏLİŞ Bahadır, Aleksey. A l e k s e y (Bahadıra əl verib). Nə üçün bu neçə gündür görünmürsən? B a h a d ı r (yer göstərir). Aleksey! Bir az kefsiz idim. A l e k s e y. İndi, doğrusu, Məngilisin də ləzzəti gedir. Yağış tez-tez yağmağa görə heç yerə getmək olmayır. Dünən səhərdən axşamadək yağmura görə evdə oturmuşam. Yaxşı ki, səndən qəzetələr aparmışdım. Hamısını oxudum, vaxtımı keçirdim.... Amma "Tərcüman" qəzetəsində bir məqaləyə diqqət etdim. B a h a d ı r. Nə xüsusda? A l e k s e y. Dil xüsusunda yazılmış məqalə. B a h a d ı r. Doğru deyirsən, diqqət olunmalı məqalədir. A l e k s e y. Nə əcəb, türklər bu vaxtadək bu məsələyə diqqət etməyiblər? B a h a d ı r. Türklər də, biz də dil məsələsində hələ bir nöqtəyə gələ bilməmişik. Hankı dil ədəbi dil olmağını bu vaxtadək həll edib qurtarmamışıq. Bu barədə iki bir-birinə bərəks təsəvvür görünməkdədir. Yazanlarımızın əksəriyyəti deyir: ədəbi dil ərəb, fars sözlərinin çox olmasına bağlıdır. Bir çox azı da deyir: ədəbi dil orta qism adamın dilidir. A l e k s e y. Sən nə fikirdəsən? B a h ad ı r. Mən.... Mən deyirəm: ədəbi dil camaat dilidir. Yəni, camaat hankı dildə danışırsa, o dildə də yazmaq gərəkdir. Məncə, ədib camaata tabedir, nəinki camaat ədibə. DÖRDÜNCÜ GƏLİŞ Bahadır, Aleksey, Yusif. Y u s i f (balkondan). Rüsxətmi? Sizə mane olmuram? B a h a d ı r (yerindən durur). Xeyr, xeyr! Buyurunuz. Y u s i f (Alekseyle görüşüb). İki student ki, bir yerdə oldu, həmişə mühüm söhbət olunar, deyilmi? Ah! Ah! B a h a d ı r (gülə-gülə). Xeyr! Çox vaxt boş danışıq da olur. Fəqət indiki söhbətimiz doğrudan da mühüm söhbətdir. Y u s i f. Mən dedim! Ah, ah! Xeyr, mən səhv etmirəm. A l e k s e y. Bəli, yaxşı bilibsiniz! (Gülür.) Y u s i f. Bilirsinizmi, mən özüm az oxumuşam. Atamın tək oğlu olduğuma görə atam öləndən sonra oxumaq mümkün olmadı. Ancaq gimnaziyanı qurtarmışam. Əlbəttə, indi çox heyfsilənirəm. Bununla belə, məlumatım artsın deyə, çox oxumuş adamların söhbətlərini sevirəm. B a h a d ı r. Maşo xanım və Sona xanım kimi elmli xanımlarla siz həmişə söhbətdəsiniz. Bunun özü bir xoşbəxtlikdir! Y u s i f (gülə-gülə). Bu neçə ilin ərzində onlardan öyrəndiyimi öyrənmişəm. İndi sizdən də öyrənmək istəyirəm. B a h a d ı r, A l e k s e y. (gülürlər). Ah! Ah! Y u s i f. Gülərsiniz! B a h a d ı r. İndi öyrənmək istəyirsiniz, buyurunuz. Siz gəlməmişdən biz dil xüsusunda söhbət edirdik. Yəni, hankı dilə ədəbi dil demək olar, məsələsini müzakirə edirdik. Məsələn, qeyri millətlər dillərini, yazılarını asan etmək istərkən, müsəlmanlar dillərini və yazılarını daha da çətinə salırlar. Y u s i f. A!.... Bu artıq dərəcədə əhəmiyyətli məsələdir. Axı deyirəm iki student bir yerdə olanda əhəmiyyətli söhbət olunar. İndi siz bir az səbr ediniz. (Durub qulluqçunu səsləyir.) Daniel! Daniel! Bura çay gətir. Xanımlara da de gəlsinlər. (Gəlib oturur). İndi mən sizə qəribə əhvalat nəql edəcəyəm. Biz Tiflisdə olarkən bizimlə qonşu bir müsəlman mağazası var idi. Bunun sahibi həmişə müsəlman qəzetəsi alıb oxuyandan sonra oxuduğunu mənə nəql edirdi: "Qonşu, filai şəhərdə filankəsi öldürüblər, filankəsin evini yarıblar, nə bilim, filan yerdə filan adam işləyərkən quyuya düşub boğulubdur". Həmişə də belə xəbərlər deyərdi. Bir gün yenə belə bir xəbər nəql edəndən sonra mən dedim: qonşu! Bəyəm sizin qəzetələrdə ancaq adam öldürməkdən, ya oğurluqdan yazırlar? Qonşum təəccüb ilə mənə baxıb dedi: "Qeyri şey yazırlarsa da, mən bilməyirəm. Ancaq bu əhvalatları oxuyuram". Mən dedim: xeyr, ola bilməz ki, qəzetələrdə ancaq belə xəbərlər olsun. Bizimqəzetələrdə siyasi, milli, elmi məsələlərə dair həmişə yazırlar. Mənim sözlərimin cavabında dedi: "Bizim qəzetələrdə də yazırlar. Fəqət mən oxusam da düşünmürəm. Ona binaən ancaq "Xəbərləri" oxuyuram". Ah! Ah! (Gülürlər.) B a h a d ı r. Dürüst deyir! BEŞİNCİ GƏLİŞ Əyləşənlər, Maşo, Sona. Y u s i f. Budur, xanımlar da gəldilər. M a ş o (Aleksey ilə əl verib). Xoş gəlibsiniz. S o n a (Alekseyə). Çoxdandır görünmürsünüz. A l e k s e y. Bəli, hava müqəssirdir. ALTINCI GƏLİŞ Daniel çay gətirib stol düzəldir. Stəkan və samovar qoyulmuşdur. S on a (çay qoyur). Atam çox gülürdü, səsini eşidirdim. Görəsən sizə nə nəql edirmiş? Y u s i f. Mən gəlib söhbət üstə çıxdım və bildim də nəyə dair söhbət edirlər. Hərgah sən də bildin? M a ş o (gülümsəyib Bahadıra baxır). Bilirsiniz, Yusif həmişə deyir: iki bir sənətdə adam bir yerdə rast gəlsə öz sənətlərinə dair söhbət edirlər. Məsələn, deyir: iki müəllim bir-biri ilə ya dərsdən söhbət edirlər, ya kitablardan; iki ovçu ovdan söhbət edirlər, sövdəgarlar alış-verişdən, iki arvad rast gəldilərsə, modadan, paltardan danışırlar. H a m ı (gülürlər). Ah! Ah! A l e k s e y. Çox vaxt doğrudan da belə olur. S o n a. Mən, həzərat, bu sözlərə şərik deyiləm. Arvadlar barəsində deyilən sözlər səhvdir. Arvadların modadan başqa əcəba, söhbətləri yoxmu? Y u s i f (gülə-gülə). Qızım, hirslənmə, mən hamı arvadları demirəm. Əksər övqat söhbət modadan olmağını söyləyirəm. S o n a. Xeyr, atacığım, mən hirslənmirəm. Fəqət bir-iki arvadın modadan söhbət etməyini hamı arvadlara isnad vermək səhvdir, zənn edirəm. Bir neçə kişinin əksər övqat qumardan dəm vurmaqları ümumi kişilərə ləkə salırmı? Yox, əlbəttə. B a h a d ı r. Afərin, xanım əfəndi! Afərin! Y u s i f (gülə-gülə). Yaxşı-yaxşı, arvadlar nəinki modadan, hətta buna oxşayan şeylər barəsində də söhbət etmirlər....Ah! Ah. H a m ı (gülürlər). Ah! Ah! A l e k s e y (durub getmək istəyir). Sağ olun! Y u s i f. Oturun! Daha çay için. A l e k s e y. Təşəkkür edirəm, vaxt daralıbdır. Gərəkdir indi gedəm bir neçə kağızlarım var, yazmaq lazımdır. Sabah poçt gedir. Bilirsinizmi, getmək vaxtıdır. Gərəkdir hazırlaşmaq. Y u s i f. Haraya? A l e k s e y. Peterburqa, əlbəttə. Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır. M a ş o. Bəli. (Gülə-gülə.) Studentlərin bayramı da qurtarır. A l e k s e y (gülə-gülə). Bəli, bu üç ay yorunuqdan sonra yenə işləmək! (Hamıya əl verib çıxır.) M a ş o (Sonaya). Qızım, Danielə de buraları yığışdırsın, mən də gedirəm. (Yusif və Maşo çıxırlar.) S o n a. Yaxşı, anacığım. (Gedirlər). B a h a d ı r (Sonanın dalınca baxır). Bəli, avqust ayı! Həmişə avqust ayında günlərimi sanardım. Üç ay yorunuqdan sonra ciddi surətdə elmlərə yapışmaq fikrində olurdum. (Fikirdə). İndi nə oldu mənə? Mən Məngilisdən ayrılmaq istəmirəm, mən tələsmirəm.... Hətta getmək fikrində olanda urəyim sıxılır, döyünür.... (Başını tutub.) Ah, Sona! Sona! S o n a (yavaş-yavaş gəlir Bahadırın yanında oturub ətrafına baxır). Nə gözəl vaxt və nə gözəl mənzərə, deyilmi? B a h a d ı r (ətrafına baxıb). Bəli, nəhayətdə gözəl! (Sonra Sonaya diqqətlə baxıb.). "Morğe-səyyadi-toəm oftadeəm bər dame-to, Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon". [ Tərcüməsi: Sənin ovladığın quşam, toruna düşmüşəm, Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.] Son a (başını aşağı salıb). Bahadır! Bülbülün gül üçün oxuduğu yanıqlı nəğmələri eşidirsinizmi? Odur, gülə baxınız, qönçəsini açıb da guya deyir: "Eşqin oduna yanma, bülbülüm". B a h a d ı r (Sonaya diqqətlə baxıb). Ah, rəhmli gül! S o n a (Bahadırın əlindən tutub yuxarı baxa-baxa). Bahadır, o nə sirrdir ki, insanlar bir-birindən təfriqə düşüblər?.... B a h a d ı r (bir az fikirdən sonra). Xanım əfəndi! Bir vaxt olar bu barədə də söhbət edərik. (Sonanın əlindən tutub fikrə gedir.) S o n a (Bahadırın üzünə baxır). Söyləyin, bu saat fikrinizdən nə keçdi? B a h a d ı r. Hazır başımdakı fikirlərdən dəhşətlisi, məni ən narahat edən fikir sizinlə ayrılmaq məsələsidir. Bilmirəm buna mən davam gətirə biləcəyəmmi? S o n a. Bəlkə davam gətirə bilmədiniz, onda? B a h a d ı r. Ah, xanım əfəndi! İnsan gələcəyini bilsə idi ağlı çaşardı. Fəqət mən hələ divanə olmaq istəmirəm.Mən istəyirəm yaşayam və sevəm. Sizinlə ayrılığım nə qədər dəhşətli nəzərə gəlirsə, bir o qədər ümid yolu mənim üçün görünür. Ah, bu ümid yolu! Ümidsiz yaşamaq qeyri-mümkündür. S o n a. İndi siz beş gündən sonra getməlisiniz, deyilmi? B a h a d ı r. Bəli! S o n a. Nə ümidlə gedirsiniz? B a h a d ı p. Ümidim daha bir də sizinlə görüşmək! S o n a (yerə baxıb). Görüşüb, daha bir də ayrılmaq.... (İkisi də xeyli vaxt bir-birinin əllərini tutub fikirdə qalarkən.) PƏRDƏ * * * Üçüncü məclis Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar. S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.) ƏVVƏLİNCİ GƏLİŞ Maşo və Sona. M a ş o. Qızım! Dur hazırlaş, Lizagilə gedək. Axşam atan da ora gələcəkdir. S o n a (durub anasını öpür). Yox, anacığım, siz atamla gediniz, mənim bir az kefim yoxdur, evdə oturmaq istəyirəm. M a ş o. Qızım, nə üçün sən axır vaxt heç yerə getmək istəmirsən? Tutalım qonaq getmirsən, heç olmasa çıx bir az təmiz havada gəz. (Sonanı öpür.) Yox, qızım, yaramır, evdə çox oturmaqdan baş ağrısı taparsan. S o n a. Yaxşı, anacığım, gəzərəm, fəqət bu gün evdə oturmaq istəyirəm. M a ş o. Yaxşı, qızım! Qalırsan qal evdə, mən gedirəm. Ancaq yatmaq istəsən qapıları bağlat. S o n a. Arxayın ol, anacığım, bağladaram. (Anasının yanına gedib öpür. Maşo çıxır.) S o n a (tək). Doğrusu, Bahadır gedəndən sonra heç bir adamla görüşüb söyləşmək də istəmirəm. Liza mənim qədim yoldaşım. Onu sevirdim, onunla həməvaxt danışardım.... İndi onunla da görüşmək istəmirəm. (Fikirdə.) Nə üçün? Nə üçün mən Bahadırdan sonra büsbütün dəyişirildim. (Fikirdə.) Mən hiss, edirəm.... Mən əziz bir vücudun, ruhumu təmizləyən, ağlımı qüvvətləndirən bir insanın ayrılığını, yoxluğunu hiss edirəm.... Nə üçün biz ayrıldıq? Nə üçün biz görüşdük, bir-birimizə məhəbbət bağladıq və nə üçün ayrıldıq? Olduğumuz səadətdə həmişəlik yaşamaq üçün nə lazımdı. (Fikirdə.) Yox, elə fikirlər başımda gərəkdir olmasın.... İnsan insanı ruhani məhəbbətlə sevə bilməzmi? (Fikirdə.) Yox, yox! Mənə heç bir şey lazım deyil.... Mənə fəqət Bahadırın ağlı, ruhi məhəbbəti gərəkdir.... Belə isə o Peterburqda, mən burada olmağımız da yarar.... (Fikirdə.) Ağlını, ruhunu, məhəbbətini kağız vasitəsi ilə də hiss edə bilirəm.... (Fikirdə.) Fəqət bunu düşünmürəm: nə üçün onun burada olmamağı mənibüsbütün dəyişdiribdir.... (Fikirdə.) Burada bir sirr var, mən düşünməyirəm.... Mən əlimi onun əlinə verəndə bir elektrik onun bədənindən mənim bədənimə işləməyini hiss edirdim. (Fikirdə.) Fəqət.... (Kitaba baxır, sonra saata baxıb durur. Qapı tərəfə gedir, qulluqçuya.) Daniel! Daniel! D a n i e l (qapı dalından). Bəli. S o n a. Qapıları bağla, mən yatacağam. D a n i e l. Baş üstə! S o n a (kitabını götürüb yerində uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram. (Oxuyur). Əcəba! Bu doğrudurmu? Burada yazır, bir çox qız var ki, ərə getməklə özlərini pula satırlar.... (Gülümsəyib.) Doğrusu, bu kitabda arvadlara çox sataşırlar.... Bir gün mən Bahadırdan soruşdum: nə üçün arvadlar barəsində bu qədər böhtan yazırlar və nə üçün bunlara dair qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: "Ondan ötəri ki, qələm düşmən əlində olubdur. Hərgah peyğəmbərlik başdan arvadlara gəlsəydi, arvadlara dair qanunlar hamısı büsbütün bərəks olardı.... (Medalyonu açıb baxır.) Ah, Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verərdin. (Fikirdə.) Ah, rəbbim! Ah, mənim məhəbbətim! (Kitabı əlindən buraxıb medalyona bir də baxıb öpür və yuxuya gedir.... ) İKİNCİ GƏLİŞ Maşo və Sona. M a ş o (yavaş-yavaş gəlir və söylənir). Bu gecə kart arxasında səhəri açdıq. (Sonaya tərəf.) Bu da paltarlı yatıbdır, nə üçün də şirin yuxudan durğuzum, indi səhər açılır, özü durar. (Yaxın gəlib Sonanı öpür, medalyonu açıq görüb şam yandırır, medalyona diqqətlə baxır, sonra iki əlləri ilə başını tutub otaqdan çıxır.) S o n a (səhər açılır, yavaş-yavaş oyanır). Mən bütün gecəni paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu yaxşı olmadı. Anam yəqin ki, adəti üzrə otağıma gəlibdir. Medalyonu, əlbəttə, açıq görübdür. (Bir az fikirdən sonra.) Mən, əlbəttə, istəməzdim anam medalyondakı şəkli görsün. İndi hərgah görübdürsə, daha yaxşı! Söz açılar, dərdimi açıq-açığına söylərəm.... (Geyinir.) ÜÇÜNCÜ GƏLİŞ Maşo, Sona və Daniel. M a ş o (yerə baxır). Qızım, durubsan? (Gedir Sonanı istər-istəməz öpür.) S o n a (təəccüblə anasına baxıb). Bəli, anacığım, durmuşam! (Diqqətlə baxıb.) Nə üçün yerə baxırsan? Anacığım, sənin ürəyində bir söz olmağını düşünürəm, nə istəyirsən soruş, deyərəm. M a ş o (Sonanın boynundan qucaqlayıb). Sevgili qızım! Sən bilirsən ki, mən və atan səni nəhayət dərəcədə sevirik. Sən ali oxumuş bir qız, çox şeyləri ola bilsin ki, bizdən yaxşı bilirsən.... Biz sənin uğrunda can verməyə hazır olduğumuz halda, sənin ürəyindəki dərdi, başındakı fikirləri bilmək istəyirik. İxtiyarın var, deyə də bilərsən, deməyə də. S o n a (bir az halından çıxıb). Anacığım! Açıq söylə, mən hamı suallarına cavab verərəm. (Bir az fikirdən sonra.) Yoxsa, gecə medalyonun içindəki əksi gördün, hə? M a ş o. Doğrudur, qızım! Gördüm. (Yerə baxıb.) Bu əhvalat məni bir az təşvişə salıbdır.... S o n a (səslə ağlayıb Maşonun boynundan qucaqlayır). Nə edim, sevirəm.... Mən Bahadırı sevirəm.... Anacığım, bu yolda mənim elmim, qanacağım kömək etməyir, məhəbbətin müqabilində ağlım çaşır.... Ah, sevgili anacığım! Bir yol göstər.... Mən bu vaxtadək məhəbbətimi pünhanda saxlayırdım, fəqət indi söz açıldı.... Mən şadam!.... Ürəyimdəki sözləri deməyə yol açıldı.... Bahadır isə bu vaxtadək məhəbbətim nə dərəcədə olmağını bilməyir. Burada ikən hissiyyatımı ondan gizlədirdim.... İndi bu ayrılıq məhəbbətimi birə on artırıbdır.... Ah, sevgili anacığım, bağışla məni! Nə edim? (Bu sözlə ağlayıb Maşonun qucağına yıxılır.) Ah!.... Ah!.... M a ş o. Sevgili qızım, ağlama! Mən səni düşünürəm.... Mən özüm də məhəbbətin oduna yanmışam.... Fəqət mənim atana olan məhəbbətimin çarəsi tapıldı.... Mən atana getdim.... Sizin məhəbbətinizin çarəsini görmürəm, qızım.... Sən ağıllı, kamallı, millətini, dinini sevən bir qız.... Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan.... Nə tövr etməli? Mən özüm də çaşıram. S o n a (gözlərini silə-silə). Bəs necə olsun? Ah, sevgili anacığım. Bu məsələdə analığı unudub da mənimlə yoldaş ol, mənə yol göstər, məni başımdakı qara fikirlərdən xilas et.... M a ş o (pəncərəyə baxıb). Odur, atan da gəlir!.... (Gedir.) S o n a. Ah, rəbbim! (Əlləri ilə üzünü tutub balış üstə uzanır.) D a n i e l (dişarıdan). Xanım, sizə kağız var. S o n a (tələsik durur, qapıya tərəf gedir, kağızı alır). Ah, kağız! (Diqqətlə baxıb gülür.) Bahadırdandır! (Oxuyur və hərdənbir fikrə gedir, sonra oxuyur, gəzinir və yenə də diqqətlə oxuyur.) DÖRDÜNCÜ GƏLİŞ Maşo və Sona. M a ş o. Qızım, kağız kimdəndir? Yoxsa Bahadırdandır? S o n a (ayağa durub gözləri kağızda). Bu saat, anacığım. (Kağızı qurtarıb.) Bəli, anacığım, Bahadırdan gəlibdir.... İndi bir az rahat oldum, anacığım. Sən də, atam da bu kağızı oxuyun.... Məni bu vaxtadək rahatsız edən suallara mən bu kağızda cavabtapıram.... Bəlkə siz də tapasınız.... Mən sizdən heç bir şey gizlətmək istəmirəm. Çünki sizi çox sevirəm. Sizin ruhunuza əziyyət vermək istəmirəm, fəqət nə edim? Sevirəm.... Mən Bahadırı sevirəm.... Bu kağız mənim tamam şübhələrimi dağıtdı. Gizlin nöqtələri aşkar etdi. Açılmayan düyünləri açdı.... Bundan əvvəl ikimizin arasında görükən uçurum dərələr indi mənim üçün görünməyir. Mən insan, o insan, bizi ölümdən savayı hansı bir qüvvə ayıra bilər?.... M a ş o. Qızım! Nə söyləyirsən? Düşünməyirəm. S o n a. Ah, anacığım! Oxuyun, məsləhət edin. Mən sizin razılığınızla iş görmək istəyirəm. Mən sizi çox sevirəm, siz də məni.... Siz hazır ağlınıza tabesiniz, mən isə ürəyimə. Ağlım ürəyimlə bir çox zaman müharibədə olarkən ürəyim ağlıma güc gətirirdi. Hazır bu işdə ağlım iş görmür.... (Fikir.) İndi sən otur kağızı diqqətlə oxu, mən bir az çıxım bağçada dolanım.... (Çıxır.) M a ş o (kağızı diqqətlə oxuyur). Ah, binəva cavanlar! İkisi də məhəbbət atəşinə yanırlar. (Ağlayır.) BEŞİNCİ GƏLİŞ Yusif və Maşo. Y u s i f (təəccüblə Maşoya baxır). Maşo, nə üçün ağlayırsan? M a ş o (gözlərini silə-silə durur). Daha yatmaq vaxtı deyil.... Mən sənə dediyim əhvalatı diqqətsiz qoymaq olmaz. Gərəkdir bir əncam çəkmək, yoxsa qız özünü həlak edər. (Kağızı Yusifə verir). Y u s i f (kağızı diqqətlə oxuyub başını bulayır. Sonra fikrə gedir). Mən hərçi fikir edirəm, bir şey çıxmır. Sən mənə medalyon barəsində söylədikdə, mən elə bir məna vermədim. Fəqət görünür iş-işdən keçibdir. Nə edim. Əlbəttə, qızın özü ilə gərəkdir söhbət etmək. (Bir az fikirdən sonra.) Bir şey də fikrimə gəlir: biz özümüz Bahadırı çox sevirik.... Nə eybi var.... Bahadır ağıllı və kamallı bir oğlandır. Onun üçün hansı bir məzhəbdə olmağın təfavütü gərəkdir olmasın. Onun belə bir əqidədə olmağı öz kağızından məlum edir. Ona görə xristianlığı qəbul edərsə, biz artıq dərəcədə məmnuniyyətlə onu qəbul edərik.... (Maşoya.) Sən Sonanı çağır buraya. M a ş o (çıxır). Yaxşı. Y u s i f. Doğrudan da böyük bir bəlaya düçar olmuşuq.... Hərçi fikir edirəm, bir yol tapa bilmirəm. Nə etməli? (Fikirdə.) ALTINCI GƏLİŞ Yusif, Sona, Maşo. S o n a (başı aşağı). Atacığım, məni çağırıbsanmı? Y u s i f. Bəli, qızım! Otur. Əhvalatdan xəbərdaram.... Qızım, əbəs yerə özünü fikirlərə salma, bu asan bir işdir. Mənim yəqinimdir ki, Bahadır xristianlığı qəbul edər, o vaxt hamı işlərimiz də düzələr, deyilmi, qızım? S o n a. Ah, sevgili atacığım! Mən təvəqqe edirəm belə məsələni heç araya gətirməmək. Mən heç vaxt belə sözləri demərəm və razı da olmaram Bahadıra deyilsin. Nə üçün Bahadır xristian olsun? Yainki nə üçün mən müsəlman olum? Bizi xristianlıqmı və müsəlmanlıqmı bir-birimizə yaxın etdi, yainki özgə bir şey? Y u s i f. Yox, qızım, elə deyil! Hər halda biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair müəyyən bir yol, ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət edəriksə, bizə ayrı bir nəzər ilə baxarlar.... Bizi camaatımız özündən hesab etməz.... Sən millətini sevirsən, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millət səni özündən kənar etsin? S o n a. Əcəba, Bahadırın millətdən kənar olmağına necə razılıq vermək? Y u s i f. Qızım! Səni canım kimi sevirəm. Yəqin bil ki, mən sizin məhəbbətinizə mane deyiləm və ixtiyarım da yoxdur. Fəqət bir şeyi demək istəyirəm. Qızım! Bahadırın və sənin fəlsəfənizdən camaatın, millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl olmuş olsa, camaat fəlsəfənizə nifrətlə baxacaqdır.... Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın adətləridir, qızım! S o n a. Atacığım! Sözləriniz haqdır. Camaat, millət ümumiyyətlə bizim fəlsəfəyə nifrətlə baxacaqdır.... Bunu yaxşı düşünürəm. (Fikirdə.) Bəs nə etməli? Mən çaşıram.... Millətimdən uzaq düşmək istəmirəm. Mən ömrümü millət yolunda sərf etməyə hazıram. Onu sevirəm.... (Fikirdə.) Bahadırı da sevirəm.... Bahadır burada ikən belə şeylər fikrimdən keçməyirdi.... Bəlkə bu ayrılıq səmərəsidir. Bəlkə bir yerdə olsaq, yainki birlikdə məsləhət etsək, qeyri bir nöqtəyə gəlməli olarıq.... Bilmirəm.... Başım işləmir. Fikrim dağınıqdır.... Əhvalım pərişandır.... (Fikirdə). Bahadırın sözləri və əqidəsi haqdır.... Camaata, millətə dair söylədiyiniz sözləri də diqqətsiz qoymaq olmaz.... Özgə bir yol, qeyri bir çarə yoxmu, sevgili atacığım? Y u s i f (bir az fikirdən sonra). Qızım! Mənim başıma bir fikir gəldi.... Səninlə bərabər Peterburqa gedək, Bahadırla bir yerdə söhbət edək. Bəlkə birlikdə bir çarə tapdıq! S o n a (birdən ayağa durub atasını qucaqlayır). Ah, sevgili atacığım! Nə gözəl fikirdir! Mən razıyam! (Sonra anasının qucağına yıxılıb.) Sən də anacığım, atamın fikrinə şəriksən, deyilmi? Hə? M a ş o. Razıyam qızım, razıyam! Bu fikir mənim başımda var idi. Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb yəqin edirəm, birlikdə çarə tapılar. Y u s i f (durur). Yaxşı, hazırlaşaq! İki gündən sonra gedirik. S o n a (gah atasını, gah anasını öpür). Peterburqa! Peterburqa! PƏRDƏ * * * Dördüncü məclis Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir. ƏVVƏLİNCİ GƏLİŞ S u l t a n (qapı döyülür). Gəlmək olarmı? B a h a d ı r (durub qapıya tərəf). Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah, Sultan, sənsən? S u l t a n. Mən mane olmadım ki? B a h a d ı r. Yox! Yox! S u l t a n (stolun üstündə yazılmış kağızı görüb). Nə yazırsan? B a h a d ı r. Tiflisdə mənə söylədiyin əhvalatlara dair bir neçə məqalə yazıram. İkisini yazmışam, bu da üçüncüsüdür, qurtarıram. S u l t a n. Bunu oxumaq olarmı? B a h a dır. Olar! S u l t a n (götürüb oxuyur), Gözəl məqalədir! Mən də bir məqalə başlamışam. B a h a d ı r. Nə barədə? S u l t a n. "Müsəlman qadınlarına yol veriniz!" sərlövhəli bir məqalədir. B a h a d ı r. Yəqin ki, açıq gəzməklərinə dair? Hə? S u l t a n. Əlbəttə! Məncə, indidən gərəkdir bu məsələnin üstünə düşmək. B a h a d ı r. Doğrudur, müsəlman aləmində arvadların indiki halları bütün millətin nadan və tərbiyəsiz qalmağına səbəb olur. S u l t a n. Məncə, qadınlar hal-hazırdakı zəncirdən, yəni çarşabdan xilas olmasalar, millət ciddi surətdə tərəqqi yoluna yeriş edə bilməyəcəkdir. B a h a d ı r. Doğru deyirsən, fəqət nə yolla çarşabı birdən-birə tullamaq? S u l t a n. Əlbəttə, avam üçün şəri yol tapmaq gərəkdir. B a h a d ı r. Məncə, qeyri bir yolla hərəkət etmək lazımdır. (Fikir.) Mən bir neçə gün bundan müqəddəm bir məclisdə idim. Bu məsələ həmin məclisdə ətraflıca müzakirəyə qoyuldu. Bəhs edənlər Misirdə elmlərini tamam etmiş iki alim idi. Bunlardan biri deyirdi: şəriətlə arvadların üzləri açıq ola bilər. O biri isə: arvadların üzləri mütləq örtülü olsun gərəkdir -- deyirdi. Qəribə budur ki, ikisi də sözlərini sübut etmək üçün ayələr və hədislər oxuyurdular.... Mənim fikrimcə, şəriət dairəsində bu söhbətlər yüz il də olunarsa, bu yolda milyonlarca qələmlər sınsa da, iki bir-birinə bərəks fikir öz qüvvəsində qalacaqdır. Qanımıza, beynimizə, sümüklərimizə işləmiş bir neçə qanunlar kimi bu məsələyə dair qanunları da şəriətdən kənar müzakirəyə qoymaq lazımdır. Yəni, demək istəyirəm bu məsələyə elmi nəzərlə gərək baxılsın. Belə olursa, təbii yolla hərəkət olunar, təbii yolla hərəkət olunarsa, işin aqibəti də dəhşətli görünməz. S u l t a n. Doğru deyirsən, fəqət hal-hazırda millətin elm yolunda tərəqqisinə, ruhunun tərbiyəsinə mane olan arvadlarımızın indiki hallarıdır, zənn edirəm. Sən dediyin yolla gedilərsə, çox zaman gərəkdir. B a h a d ı r. Şəksiz, bu məsələyə dair ayələr, hədislər bir mənada düşünülsə idi, şəri yolla tez məqsədə çatmaq olardı. Amma çifayda.... (Ayağa durur.) Bilirsənmi, Sultan! Bir nazik mətləbi düşünmək gərəkdir. Arvadlarımızın zəncirdən xilas olmaqları özlərinə bağlıdır. Arvadlar kişilərə ümid bağlayıblarsa, işləri fənadır, zəncirdən xilas olmayacaqlar.... O vaxt ki, arvadlar öz hüquqlarını düşündülər heç bir şəriət, heç bir qüvvət onların azad olmaqlarına mane ola bilməz. Təbii, canlı şeyləri maddi və mənəvi cəhətcə bir-birinə tabe edən zor və ehtiyac olubdur. Bu iki səbəb aradan götürülərsə, arvadlar məqsədlərinə nail olarlar.... S u l t a n. Hər halda, məqaləmi gərəkdir bir yerdə oxuyaq.... B a h a d ı r. Çox gözəl! İKİNCİ GƏLİŞ Zinolin gəlir. Z i n o l i n. Ağa, sizə kağız var. B a h a d ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb oxumaq istəyir.) S u l t a n. Sən kağızını oxu, mən də gedirəm. B a h a d ı r. Nə üçün, otur. Sonra gedərsən. S u l t a n. Çox işim var. Axşam bəlkə görüşdük. Salamat qal! B a h a d ı r (əl verib qapıyadək ötürür). Sağ ol! (Kağızı diqqətlə oxuyur və sonra hirslə atır.) Mən güman etdim kağız Sonadandır. (Oturur, fikir edir.) Nə üçün bu vaxtadək kağızımın cavabını yazmayır? Bəlkə məndən inciyibdir.... (Fikir.) Yox, ola bilməz. Mən elə bir şey yazmamışam, nə üçün məndən incisin? Mən öz hissimi ondan gizlətmədim, yazdım.... (Fikir.) Bəlkə ağlım məhəbbətdən çaşıb naqabil bir söz yazmışam.... (Fikir. ... Yox! Sonaya naqabil söz yazmağa əlim gəlməz. (Fikir.) Hər halda, kağızın üzü məndə. (Hücrəni gəzir.) Oxuyum görüm.... (Kağızı diqqətlə oxuyur.) "Əzizim Sona xanım! Başımdakı min-min fikirlərin hansından başlamaq? Bu günədək gördüyüm adamlardanmı? Ya gəzdiyim yerlərdənmi? Və ya xeyr, ancaq öz hissiyyatımı söyləyim?.... Qəribə bir halətdir! Mən sizinlə bir yerdə, bir otaqda gün keçirərkən başımda olan min-min fikirlərimi, bütün vücudumu iztiraba salan hisslərimi əcəba, nə üçün söyləyə bilmirdim? Yox, xanım əfəndi! Səhv etdim: söyləyirdim, fəqət dilsiz, hər bir hərəkətimlə sizə olan məhəbbətimi sizə bildirirdim. Əlinizi əlimə alıb fikir edirdim. Qolumdakı minlərcə hiss damarları mənim məhəbbətimi sizə xəbər verirdilər, deyilmi? Mən sizin əlinizi tutanda bu halətdə olurdum, yəni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mənə həzin-həzin söyləyirdi. Əliniz əlimdə ikən tam fikirlərinizi, hisslərinizi oxuyurdum. Siz də mənim kimi, deyilmi? Biz bir-birimizin əlini gah sıxardıq, gah datumar edirdik.... Hər birinin ayrı bir mənası olmağını sözsüz düşünürdük.... Ah, nə gözəl halət! Nə gözəl hissiyyat! Dilə ehtiyacımız yox idi. Qələmə də həmçinin. İndi isə dilə və qələmə böyük ehtiyacımız olmağını hiss edirəm. Başımdakı min-min fikirləri nəyin vasitəsi ilə sizə bildirmək?! Əliniz əlimdə olsa idi, bir sıxmaqla hamı fikirlərimi, hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən, qələmdən başqa bir əlacım yoxdur. Bunlar da gözlərimin, əllərimin əvəzini verməyəcəkdir. O bir ayrı aləm, bu bir qeyri aləm! Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm. Bir dəqiqə sizi fəramuş edə bilməyirəm. Hər gün, hər saat sizinlə söhbəq edirəm. Bir iş edirəmsə, dərhal sizi gözümün qabağında gerürəm. Görüb də, guya söyləyirəm, bu iş sizcə, nə tövr gərəkdir ola? Hər bir felim, qövlüm, hissiyyatım sizə bağlıdır.... Mən tam vücudumla sizə təəllüq tapmağımı düşünürəm. Bununla belə "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?...." sözlərinizin mənə dəhşətli bir kölgə olmağını da hiss edirəm. Bu kölgədən mən qorxuram. Harada olsam, nə söyləsəm bu sözlər fikrimə gəlirsə, əhvalımı büsbütün dəyişir, başımdan od parlayır. Ürəyim iztirabda döyünərkən istəyirəm tam vücudumla bu kölgəni özümdən rədd edəm. İstəyirəm açıq-açığına bağıram: bəsdir! Məni rahat qoy!.... Mən bağırmaq istərkən həmən dəhşətli kölgə daha artıq qüvvətlə mənə yaxınlaşır. Məni hər tərəfdən qara bulud alan kimi bürüyür, nəfəsimi təngləşdirir, ildırım çaxan kimi: çaxır.... "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?" sözləri bir arşın boyunda qara taxtanın üstündə təbaşirlə yazılmış nəzərimə gəlir. Mən hirslə həmin yazıları taxtanın üzündən silirəm. Mən sildikcə, daha böyük, daha aşkar xətlə yazılmış görünür. Mən taxtanı var qüvvətimlə yox etməyə çalışıram, sındırıram..... "Nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər" sözləri havada yazılmış görünür.... Nə üçün bu sözləri siz meydana gətirdiniz? Nə üçün bu sözləri əllərimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halətdə bu sözləri desə idiniz, ola bilsin ki, belə təsiri olmaya idi. Fəqət indi ... indi sözlər deyilibdir. Bu sözlər məndən, mən bu sözlərdən ayrıla bilmirəm. Nə üçün bu sözləri deyəndə əlimi sıxdınız və gözlərinizi yumdunuz?... Sözləriniz hərəkətlərə müvafiq olub mənə guya dediniz mən tam vücudumla sevirəm.... Mən tam vücudumla sizinlə olmaq istəyirəm. Fəqət bizi bir şey bir-birimizdən təfriqə salır.... Müsəlman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir.... Sözlərinizə belə məna verməkdə səhvim yoxdur, zənn edirəm və səhv də olmaz. Çünki həmin dəqiqə mən də bu fikirdə idim. Mən istəyirdim deyim: fəqət siz məndən cürətli olub məni qabaqladınız, qabaqlayıb da məni daha artıq məhəbbətə mübtəla etdiniz.... Mənim bütün vücudum: bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır.... Xanım əfəndim! Mən ancaq camalınıza aşiq olsaydım, mənim üçün şübhə yeri qalardı. Yox! Camalınızı sevirəm də, ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi "uçurum dərələr" ayıra? Əcəba, bu "uçurum dərələri" biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi? Nə üçün mən müsəlman siz xristian, qeyrisi yəhudi, ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar sonradan düzülmüş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni. "Yox, sevmək olmaz" qanunu var isə mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi, bütpərəst nə olacağını anlamıram və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım! Mən millətimi sevirəm, çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm, çünki hamısının əsil məqsədləri insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər. Yəni, ümum bir nöqtəyə yeriş etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, fəqət deməyiblər: "Biz islam və xristianlıq düzəltmək üçün gəlmişik.... Hamı: "Biz insanları düz yola dəvət edirik" deyiblər.... İndi xanım əfəndi, məqsəd bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi düşünənlər birləşirlər, danışırlar və məhəbbət nə olmağını düşünürlər. İndi biz də bu dərəcəyə çatmışıqsa, məhəbbətimiz tələb edən qanunlara sitayiş etməliyik, deyilmi?" (Bu kağızı oxuyub fikrə gedir.) Bu kağızda elə bir şey yoxdur ki, Sona ondan rəncidə ola. (Fikir.) Bəlkə Sona sözlərimə şərik deyil. Bəlkə uçurum dərələr meydana gələcəkdir! (Fikir.) Ah, nə üçün mən belə atəşli kağız yazdım? Sona millətini nəhayətdə sevən bir cavan. Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir qız.... Bu uçurum dərələri keçə biləcəkmi? Keçərsə, atasına-anasına əziyyət olmazmı? Bunlar məni öz övladları kimi sevirdilər. Mənə hər dürlüyaxşışıqlar ediblər, məni təmiz, saf ürəkli əmin adam bilib qızlarını mənə tapşırmışlar. İndi öz hissiyyatımı, məhəbbətimi açıq-açığına Sonaya yazmaq, Sonanı qeyri bir fikirlərə.... (Fikir.) Mənim bir kəsim yox, atam-anam qəbirdə, mənim halıma yanan, mənim dərdimə qalan yox. Mənə nə olursa-olsun.... Heç kimə əziyyət olmayacaqdır.... Sona isə ata-anasının əziz pərvəriş edilmiş qızı.... Sona belə yaxşı, gözəl külfətin işığı.... Sonanın qəmi, ümum külfətin qəmi. Sonanın bədbəxtliyi, ata-anasının bədbəxtliyi. (Fikir.) Yəqin ki, Sona məhəbbətini pünhan saxlaya bilməyəcəkdir.... Məhəbbəti aşkar olursa, ata və anası nə edə biləcəklər? (Fikrə gedib sonra deyir.) Ah, nə üçün mən belə bir atəşli kağız yazdım? Nə üçün belə bir ali təbiətli valideynlərin ruhlarına əziyyət verməli oldum? Nə üçün? (Oturub başğşı əlləri ilə tutur və sonra yavaş-yavaş əllərini tapançaya uzadır. Bir az fikirdən sonra tapançanı əlindən buraxıbiki əlləri ilə üzünü tutub ağlaya-ağlaya kravata yıxılır.) Ah! Ah! Bu nə halətdir? Ah, Sona! Ah, mənim məhəbbətim! ÜÇÜNCÜ GƏLİŞ Qapı döyülür, Bahadır qapıya tərəf baxır. Sona, Yusif, Bahadır. B a h a d ı r. Girin! (Qapıda Yusiflə Sonanı görüb özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.) S o n a (gülümsünüb). Bizi gözləməyirdiniz, deyilmi? B a h a d ı r (Sonanın əllərindən öpüb). Xeyr, xanım əfəndi, heç fikrimə də gəlməzdi! Əyləşin. (Sona pəncərənin qabağında oturur, Yusif Bahadırla bir yerdə.) B a h a d ı r (qapıya gedib). Zinolin! Z i n o l i n (qapıdan). Bəli, ağa! B a h a d ı r. Bizə çay hazırla. Z i n o l i n. Yaxşı. S o n a. Çay hazır olanadək mən gələrəm, özümə əlcək alacağam. (Gedir.) B a h a d ı r (durub qapıyadək ötürür). Bu yaxında taparsınız. (Gəlib oturur.) Əcəba, Maşo xanım sizinlə nə üçün gəlmədi? Y u s i f (başını aşağı salıb fikirdə). Bahadır bəy! Bizim gəlməyimizə səbəb mühüm bir məsələ olubdur.... B a h a d ı p. Əcəba! Nə üz veribdir? Y u s i f (fikirdə). Sizin Sonaya və Sonanın sizə olan məhəbbəti məni və Maşonu böyük təşvişə salıbdır.... Siz özünüz bilirsiniz dünyanın işığına Sonanın gözləri ilə baxırıq. Biz Sonanın uğrunda can verməyə hazırıq.... İndi bu təmiz, saf ürəkli qız sizə aşiq olub, gecə-gündüz aramı yoxdur. İndi ikimiz də gəlmişik, bəlkə üçlükdə bu işə bir sərəncam verək.... Sonanın millətinə olan məhəbbəti sizə məlum: bizim və yainki sizin millətin belə məsələlərdə xüsusi bir əqidədə olmaqları da sizdən gizlin deyil.... Özünüz, əlbəttə, düşünürsünüz.... Sizin kağızınızı mən oxudum: fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət. (Fikir.) Camaat ... millət.... B a h a d ı r (fikirdə). Bəli.... Bəli.... Düz buyurursunuz.... Mən. Mən.... Səhv etmişəm.... Mənim məhəbbətim sizə əziyyət veribdir.... Bağışlayınız.... Əfv ediniz! Mən.... Mən.... (Söz danışa bilməyib ağlayır.) Ah! (Yusif başını aşağı salıb ağlayır.) DÖRDÜNCÜ GƏLİŞ Sona, qeyriləri və Zinolin. S o n a (onların hallarına təəccüb qalaraq sözsüz pəncərənin qabağında oturur.) Ah! (Zinolin stəkan gətirib çay tökür.) B a h a d ı r (durub tədarük edir). Buyurun, çay için! (Sona və Yusif mizə yaxın oturub çay içirlər.) B a h a d ı r. Sizdən təvəqqe edirəm, bu gün naharı da bir yerdə edək. İnşaallah, sözləşib məsləhət edərik. Ümid edirəm hamı düyünlər açılsın.... Y u s i f. Sizə zəhmət vermək istəmirəm, yaxşı olardı siz də bizimlə bir yerdə restoranda nahar edək. S o n a. Yox, atacığım, bura yaxşıdır, mən restoranın xörəyini sevmirəm. B a h a d ı r. Əlbəttə, bura yaxşıdır, bizə gələrsiniz. Necə olsa ev xörəyi təmiz olar. Y u s i f. Yaxşı, sözüm yoxdur, gələrik! İndi qızım, gedək. B a h a d ı r. Haraya belə tez? Y u s i f. Bir dost adam var, görüşmək lazımdır. Sonra daha işimiz yoxdur, tez gələrik. (Sona və Yusif çıxırlar.) B a h a d ı r (onları qapıyadək ötürür, qapıda durub Sonanın dalınca xeyli baxır. Sonra otaqda tez-tez gəzinməyə başlayır. Fikirdə ikən gah dayanır, gah gəzinir, sonra tez oturub kağız yazır; yazıb qurtarandan sonra oxuyur). Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz, mən özüm öz əlimlə özümü öldürdüm.... "Ah, insanları bir-birindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz.... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız.... Ah! (O, tapançanı gicgahına atır.) Ah! (Yıxılır.) Z i n o l i n (tez gəlib Bahadırı yıxılmış görür). Ağa! Ağa! (Özünü itirir.) BEŞİNCİ GƏLİŞ Yusif və Sona gəlirlər. Y u s i f. Nə oldu? (Özünü itirib papağı əlindən düşür.) S o n a (qəşş edib Bahadırın üstünə yıxılır). Ah! PƏRDƏ * * * Beşinci məclis Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab. Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir). İ k i n c i d ə l i. (Səhnənin sağ tərəfindən iki addım qabağa gedir, iki addım dala. Bir yerdə gəzir). Ü ç ü n c ü d ə l i. (Səhnənin ortasında gəzinir, əlləri ilə hərəkətlər edir və hərdənbir coşa gəlir, hirslənir, danışır, fəqət danışdığı sözlərdən bir şey anlaşılmayır). D ö r d ü n c ü d ə l i. (Yavaş-yavaş gəzinir, tez-tez ətrafına baxıb qorxur, guya bunu vururlar, başını tutub ağlayır). B e ş i n c i d ə l i. (Yerdə oturub fikrə gedir, sonra dəmbədəm üzünə xaç edir, səcdəyə gedir). A l t ı n c ı d ə l i. (Sona başının yaylığı boynunda, saçları tökülmüş gəzir və hərdənbir məzlum əllərini yuxarı qaldırır.) Allah bir.... Qanun bir.... Məqsəd bir.... Yol bir.... (İki dəfə.) "Bir allahı buraxıb min allaha səcdə etdik. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq". "Ah, sevgili Sona xanım! Mənim bütün vücudum, bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır. Mən özümü sizin bir hissəniz bilirəm, əcəba! Necə ola bilər ki, bizi uçurum dərələr ayıra? Əcəba, bu uçurum dərələri biz insanlar düzəldib də onları məhv etmək bizim ixtiyarımızda deyilmi? (Halı dəyişilir.) Odur, qara taxtanın üstə yazılıbdır. (Gedir, ətəyi ilə guya taxtanın üstündəki yazını silir.) Odur, yenə yazıldı. (Yenə silir. Guya taxtanı qırır, başını tutub guya baxmaq istəmir. Havada yazılmış görür). Odur, indi havada yazılır! (İstəyir havada yazılan sözləri silsin, lakin hər tərəfə dönürsə, gözünə yazı görünür, yazını tutub baxmaq istəyir.) Hanı bəs məhəbbət,hürriyyət sözləri? Hanı mənim məhəbbətim?! ƏVVƏLİNCİ GƏLİŞ Əvvəlkilər. Yusif, Maşo və dəlixananın nazirəsi. Maşo qara yaslı paltarda, əlində ağ dəsmal gözlərini silə-silə, Yusif onun qolundan tutub, nazirə qabaqda Sonanı göstərir. S o n a (bunları görüb bərkdən). O nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər?! M a ş o (qəşş edib yıxılır). Ah, qızım, Sona! (Sona qəhqəhə çəkib bərkdən gülür.) PƏRDƏ * * * == Şamdan bəy == Şamdan bəy ƏFRADİ-ƏHLİ-MƏCLİS Y u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında. Q u l u-- Yusifin nökəri. X ə d i c ə-- Yusifin nişanlısı, 19 yaşında. H a c ı İ b r a h i m-- Xədicənin atası, 40 yaşında. N i g a r-- onun övrəti, 50 yaşında. N a z l ı-- onun qulluqçusu, 20 yaşında. N i y a z b ə y-- Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında. Ş a m d a n b ə y-- Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun. S u l t a n, M u r a d, R ə s u l-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında. R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f b ə y-- Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında,çərkəzi libasında. C ə f ə r-- Hacı İbrahimin nökəri. P ə r z a d q a r ı-- qoca övrət, 50 yaşında. * * * Birinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Yusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar. Y u s i f. Açım kağızı, görüm mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazıbdır? (Oxuyur.) "Rəfiqi-mehribanım Yusif! Xeyli vaxtdır səninlə ayrılıb didarına həsrət qalmışam. Amma indi ümid edirəm ki, səninlə görüşəm. Ah! Nə xoşbəxt olardım bu yavuq vaxtda səninlə bir otaqda oturub keçən günlərdən söhbət edəydim! Məlum ola ki, bu ayın axırınadək səninlə görüşəcəyəm. Salamat qal! Şamdan". (Kağızı mizin üstünə qoyur, sonra üzünü xalqa tutub.) Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! Həqiqət, bu yaxşı şeydir! Yaxşı yoldaş dar gündə lazım olar. On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi gərək ki, surəti də təğyir tapıbdır. (Kağızı götürüb yenə oxuyur.) Bunun yazmağına görə gərək bu günlərdə buraya gəlsin. (Durub qapıya tərəf gedir və Qulunu çağırır.) Qulu! İKİNCİ GƏLİŞ Qulu və Yusif. Q u l u. Nə buyurursunuz? Y u s i f. Bu saat o yan otağı (əli ilə göstərir) təmiz edərsən və hazırlarsan; çünki bu günlərdə bizə qonaq gələcəkdir. Q u l u. Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. Y u s i f. Necə şey? Bir taxt qoyarsan və yorğan-döşək hazır edərsən. Q u l u. Ağa! Artıq yorğan-deşəyimiz yoxdur. (Yusif fikrə gedir.) Y u s i f. Yaxşı, sən get. Mən bir az fikir edim. (Qulu dişqarı çıxır. Yusif bir az fikirdən sonra.) Həqiqət, Şamdan çox pis vaxtda gəlir: heç şey hazır deyil. Nə yorğan var, nə döşək, nə də balış və nə də pul vardır ki, bunların hamısını alam.... Ah!... (Fikrə gedir.) Hamısından yaxşı öz yorğan-döşəyimi ona verim, mən necə olsa dolanaram. (Bir az fikirdən sonra Qulunu çağırır.) Qulu! Ay Qulu! ÜÇÜNCÜ GƏLİŞ Qulu daxil olur. Yusif və Qulu. Q u l u. Bəli! Y u s i f. Get mənim yorğan-döşəyimi yan otağa apar. Q u l u. Ağa, bəs sən? Y u s i f. Mən yola gedərəm. Mənim üçün bir yaz yorğanı qoy.... Xülasə, elə olsun ki, Şamdan dostumun yanında xəcalət çəkməyim. Dəxi sən öz işinə məşğul ol. Mən gedirəm, hər kəs məni sual etsə, de ki, bu saat gələr. (Yusif geyinib dişqarı çıxır). Q u l u (tək, evi səliqəyə salır və öz-özü ilə danışır). Mənim ağamın işlərinə təəccüb qalmalıdır. Bu vaxtadək qulluq edibdir, amma bir şeyi yoxdur. Özgələrin evinə gedirsən, bir küncdə divan, bir yanda stollar və stullar, divarlarda xalılar və şəkillər, dörd dəst yorğan-döşək. Xülasə, adam istəməyir ki, evdən dişqarı çıxsın. Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar, bununla belə padşah kimi dolanacaqları vardır, amma bizim ... çörək yeməyə qabımız da yoxdur. Ev şeyləri lazım olduqca qonşulardan gətirməkdən, doğrusu, bezar olmuşam. Axırda elə olar ki, qonşular da verməzlər, onda görək nə edəcəyik. Neçə kərə demişəm ki, yoldaşlara az xərc et, adam gərək son gününün dərdinə qala. Hər deyəndə sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gərəkdir bir-biri ilə dostluq etsin. Pulu yığıb öləndə özüm ilə aparmayacağam ki". Doğrudur, amma insan gərək hər şeyi yolunda eləsin. Bu dünyaya ümid bağlamaq olmaz. İnsanı bu dünyada pul ilə istəyirlər. Bəli, hələ cahıldır, pis günlər görməyibdir. Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, yüz min xətalar. Kim bilir gələcəkdə nə olacaqdır?.... Ondan savayı, Yusif ağıllı cahıllardan biridir. Nə üçün gərək fikir eləməsin ki, bu gün-sabah toy edəcək, görək toyu nə ilə edəcək? Pulu vardırmı? Xülasə, nə deyim. Bu zəmanənin cahıllarının işlərini anlamaq çətindir. Vallah, özgəsi olsaydı, mən bir gün də burada dayanmazdım. Amma nə fayda ki, Yusifi çox istəyirəm, mənimlə nəhayətdə mehriban dolanır. Məndən olsa, ömrümün axırınadək ona qulluq edərəm. Əzbəs ki, onun xasiyyəti və mehribançılığı məni özünə qul edibdir. Belə adamın bir parça çörəyi mənim üçün qeyrilərindən çox-çox yaxşıdır. Onu da yaxşı bilirəm ki, o da məni çox istəyir. (Kitabları düzəldir, dişqarıdan səs gəlir.) Gərək ki, gələn odur. Y u s i f (otağa daxil olub başlayır hirsli gəzməyə). Ah!.... (Qulu ona baxır.) Q u l u. Allaha şükür ağa, nə olubdur ki, hirslənibsən? Y u s i f. Heç.... Bir az ... pul lazım idi.... Tapa bilmədim.... Q u l u. Nə qədər lazımdır? Y u s i f. Beş-altı manat. Q u l u. Onun fikrini etmə. Mənə verdiyin məvacibdən qalır. (Əlini cibinə salıb pul çıxardır.) Buyur. Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sən heç darıxma, ancaq bu ayı döz, ondan sonra mənim əlimə bir yerdən pul gələcəkdir. Onda sən nə desən ona əməl edərəm. İndi sən get işinə məşğul ol. (Qulu dişqarı çıxır.) Y u s i f (tək). Yaxşı ki, Qulu mənə köməklik etdi. Yoxsa ki, Şamdan dostumun yanında xəcalət çəkəcəkdim. (Durub gəzinir.) DÖRDÜNCÜ GƏLİŞ Sultan, Murad, Rəsul içəri daxil olurlar. H a m ı s ı. Salaməleyküm! Y u s i f (qarşılarına gedib). Ay əleyküməssalam, qardaşlar! Əyləşiniz. (Əli ilə stul göstərir. Hər biri bir stul, götürüb əyləşirlər.) S u l t a n. Bu gün bazardan keçərkən Qulu rast gəlib sənin əhvalını sual etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu? Y u s i f. Bəli, doğrudur. M u r a d. Hərgah sizin evinizdə darlıq etsə, olmazmı ki, bizə düşə? R ə s u l. Doğru deyir, Muradgilə düşsün. Allaha şükür, otaqları boldur. S u l t a n. Muradgil bəlkə bir az uzaq ola. Onda qoyun, bizə düşsün. Y u s i f. Heç zəhmət çəkməyin. Hamınızdan artıq dərəcədə razıyam. Ancaq iraq qonaq olsa, əlbəttə, layiq deyil belə nizamsız evdə saxlamaq. İş buradadır ki, gələn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdə olmuşuq. O məni tanıyır, mən onu. Bir-birimizdən gizlin işimiz olmaz. Mənim bu nizamsız evim ona çox xoş gələr. Özü yaxşı oğlanların biridir. İnşaallah gələr, görərsiniz. S u l t a n. Görünür ki, yaxşı oğlandır; çünki o məclis olmuyubdur ki, onu yada salmayasınız. M u r a d (evə nəzər yetirir). Təəccüb edirəm, bu neçə ildə burada necə dolanırsınız. (Yusifə tərəf.) O pul ki burada sizdən çıxır, o qiymətə yaxşı otaqlar tutmaq olar. R ə s u l. Ay, ay! Yusifin burada olmağının səbəbi çoxdur. Y u s i f. Yaxşı dediniz. S u l t a n. Bəli, şair deyir: "Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz...." M u r a d. A! İndi anladım! Y u s i f. Həqiqət, onu Sultan doğru deyir. S u l t a n. Tez olun görək, toyunuzu edək, bir az kef çəkək. R ə s u l və M u r a d. Yaxşı dedin, vallah. Y u s i f. Mən razıyam, günü bu gün olsun. Amma nə fayda ki, atası deyir: "Bir az səbir etmək lazımdır". M u r a d. Xoşbəxtlik buradadır ki, qız da Yusifi istəyir. S u l t a n. Nəinki istəyir və hətta dəli-divanədir. (Yusifə nəzər yetirir.) Y u s i f. Çox da elə yox. Ancaq sizi özümə yavuq dostlardan bilib deyirəm ki, qız həqiqət istəyir və bir neçə dəfə özü iləsöhbət etmişik. Ağıllı, kamallı, həqiqət, insanı valeh edir. R ə s u l. Bunun ağıl-kamalının çox olmağına səbəb nədir? S u l t a n. Əlbəttə, oxumaq.... M u r a d. Tərbiyə. Y u s i f. Doğru dediniz, tərbiyə dəxi şərtdəndir. (Murada baxır.) S u l t a n. Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun.... M u r a d və R ə s u l. Haqdır. BEŞİNCİ GƏLİŞ Qapı açılıb Şamdan bəy yol paltarında içəri daxil olur. Y u s i f (ayağa durur). A! Sən gəlibsən, mənim əzizim! (Bir-birini öpürlər.) Səni biz çoxdan gözlüyürdük. Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gəlib bizə düşmüşdü. Y u s i f (qonaqları göstərir). Bu yoldaşlarım ilə də aşna olsan! (Şamdanı göstərib.) Bu hənuz qonaqdır ki, mən gözlüyürdüm! H a m ı s ı (durub əl verirlər.) Çox əcəb! Çox gözəl! (Hər kəs öz yerində əyləşir.) S u l t a n. Bəli, çox yaxşı oldu ki, bizim şəhərə buyurdunuz. (Şamdana tərəf.) İnşallah, bu şəhərin bir neçə qəribə şeylərini görüb gəlməyinizdən narazı qalmazsınız. Ş a m d a n. Həqiqət, şəhərin barəsində çox oxuyub və çox eşitmişəm. Və amma oxumaq və eşitməklə insan rahatlanmaz, gərəkdir gözlə hər şeyi görüb hiss etmək. Buna görədir ki, neçə illərdi buraya gəlmək arzusunda idim. Və axırda iş belə oldu ki, sizin və mənim rəfiqim Yusif (əli ilə göstərir) yoldaşlıq şərtini yerinə yetirib burada qulluq tapıb və öz qulluğumu buraxıb buraya gəldim. Və Yusifin məktublarında həmişə siz cənabların xahişinə mən buraya gələm, oxuyur idim. Xülasə, xuda ömür versə, sizə qulluq etməyə mən də borcluyam. H a m ı s ı. Biz həmişə sizin qulluğunuzda hazır varıq. M u r a d. Hərçənd sizi görməmişdiksə də, amma Yusif sizdən o qədər danışıbdır ki, həqiqət, uzaqdan-uzağa məhəbbət bağlamışdıq. R ə s u l. Həqiqət, elədir. Ş a m d a n (baş əyir). Çox məmnunam! Y u s i f. Bağışlayın, siz söhbətə məşğul olun, mən dəxi bir neçə şey lazımdır hazır edim. (Deyib dişqarı çıxır.) S u l t a n. Siz öz işinizdə olun. Bizdə də o qədər qüvvə olar ki, qonağımızı qoymarıq qəmgin olsun. (Hamı gülür.) Ş a m d a n (baş əyir). Çox razıyam! Qəzetlərdə yazılan əxbara görə məlum olur ki, bu şəhərin müsəlmanları alış-verişlə çox tərəqti ediblər və ona görə də deyirlər, guya burada olan dövlət Zaqafqaziyanın heç yerində yoxdur. M y r a d. Bəli, elədir.... Fəqət nə xeyri? Ş a m d a n. Necə ki? S u l t a n. Murad cəmiyyəti-xeyriyyəni nəzərdə tutub bu sözü deyir. R ə s u l. Aşkar deməli, pulları çoxdur, amma millətə xeyirləri az. Ş a m d a n. Bəli, indi anladım. Hənuz buyurduğunuz sözləri mən neçə dəfələrlə "Tərcüman" qəzetəsində oxumuşam və mən dəxi bu barədə öz yerimizdə neçə dəfələrlə camaata demişəm və bir neçəsi dəxi sözümü eşidib Şirvanda dördəcən məktəb açdırmışam. (Yusif içəri daxil olub Qulu ilə stolu hazır edirlər.) Və lazımdır ki, siz də burada bu barədə bir iş görəsiniz. Y u s i f (əyləşir). Bəli, insan ancaq dövlətlə bəxt qazana bilməz. Xoşbəxt olmaq üçün mədəniyyət dəxi lazımdır, o da ki, bizim müsəlmanda yoxdur. M u r a d. Şamdan bəy! Eyib olmasın, bağışlayın, bir şey sual edəcəyəm: evlisiniz, ya yox? Ş a m d a n. Xeyr və heç fikrimdə yoxdur evlənmək.... S u l t a n. Səbəb? R ə s u l. Görünür, istəyirsiniz ömrünüz azadlıqla keçsin. Ş a m d a n. Xeyr, ondan savayı mən doğrusu, alsam, oxumuş qız alacağam. O da ki, hələ bizim müsəlman arasında çox az tapılar. Hərgah, həqiqət, bu səbəb olmasaydı, mən indi çoxdan evlənmişdim. Çünki çox qızlar mənim səbəbimə bədbəxt olublar. M u r a d. Necə ki? Ş a m d a n. Doğrusunu demək, bilmirəm məndə nə görüblər ki (bığını burur), görən kimi mənə aşiq olurlar. Mən də almaq istəməyib, görürsən özlərini biçaralər həlak edirlər. H a m ı s ı. Bəli, mümkündür! (Stol hazır olub qəhvə ortalığa gəlir.) Y u s i f. Zəhmət çəkib buyurasınız, qəhvə içək. (Hamı durub mizin ətrafında əyləşir.) M u r a d. Bəli, oxumuş övrət çox yaxşıdır, amma həqiqət, məhəbbətsiz də evlənmək bir şey deyil. Ş a m d a n. Bizlərdə iki tərəfdən məhəbbət çətin tapılar. Çünki bizim adətdə övrət kişiyə görünmək yoxdur. (Qəhvə içib qurtarırlar.) Y u s i f (gəlir, ikinci dəfə qəhvə təklif edir). Ah! Ah! (Hamı Yusifə diqqət ilə baxır.). M u r a d. Bu barədə Yusif özünü xoşbəxt hesab edə bilər. Ş a m d a n. Necə ki? S u l t a n (Şamdana tərəf). Siz buyurduğunuz şərtlər hamısı Yusifdə vardır. R ə s u l. Bəli, həmi oxumuş, həmi məhəbbət.... Ş a m d a n. Yusif! Həqiqət necə ki, eşitmişəm və indi də ki, rəfiqlərin deyirlər, sənə insanın paxıllığı tutar. M u r a d. Xudavəndi-aləm elə eləsin ki, bu iş tezliklə başa gəlsin. H a m ı s ı. İnşaallah! İnşaallah! Y u s i f. Təşəkkür edirəm! (Qəhvə təklif edir.) Buyurunuz. H a m ı s ı. Xeyr, dəxi zəhmət çəkməyin. (Qulu stəkanları yığışdırır.) S u l t a n (yoldaşlarına tərəf). Dəxi biz gedək. Şamdan bəy də yoldan gəlib yorğundur, bir az yatıb dincini alsın. (Hamı--Murad, Sultan, Rəsul durub əl verib çıxmaq istəyirlər.) Ş a m d a n. Siz məndən arxayın olun; mən çox da yatmaq sevmiyirəm. Bu gün dörd gündür mən yuxusuzam. Çünki gələn gündən bir az müqəddəm bizim şəhərə Tiflisdən gürcü knyazları ki, mənim ilə əvvəldən dostluğumuz var, gəlmişdilər. Onlar ilə dörd gün-dörd gecə ov eləmişik.... H a m ı s ı. Bəli, bəli, bədənin salamatlığındandır. (Baş əyib dişqarı çıxırlar.) Salamat qalın! Ş a m d a n və Y u s i f. Xoş gəldiniz! Y u s i f. Əzizim! Get otağa, bir az dincini al. Ş a m d a n. Çox gözəl. (Gedir.) Y u s i f (tək). Həqiqət, çox xoşbəxtlikdir ki, ürəyin istəyən dostu qonaq saxlayıb bacardığın hörməti ona eyləyəsən. Hərçənd məndə o qədər qüvvə yoxdur ki, Şamdana layiqincə hörmət edim. Amma eybi yoxdur, Şamdan elə yoldaş deyil ki, mənə çox da diqqət tuta. Özü bilir ki, mən bir dərviş adamam. ALTINCI GƏLİŞ Qulu və Yusif. Q u l u. Ağa! Pərzad qarı gəlib səni görmək istəyir. Y u s i f. De gəlsin. (Qulu dişqarı çıxır və Pərzad içəri daxil olur.) YEDDİNCİ GƏLİŞ Yusif və Pərzad. P ə r z a d. Salaməleyküm, Yusif bəy! Y u si f. Xoş gəlibsən, Pərzad nənə. Əyləş. (Stul göstərir.) P ə r z a d. Zəhmət çəkmə, mənim dədəm-babam stul üstə əyləşməyiblər. Mən yerdə oturacağam. (Yerdə əyləşir.) Y u s i f (gülə-gülə). Hə ... hə... yaxşı, yaxşı! Əyləş görək nə var, nə yox? Təzə xəbərdən-zaddan? P ə r z a d. Təzə xəbər-zad yoxdu. Ancaq yoldan gedirdim yadıma düşdü ki, səndən soruşum görüm, axı işi nə yerdə qoydun? Y u s i f. Necə iş? P ə r z a d. Necə ki, necə iş? Toyu deyirəm da.... Y u s i f. Toy hələ qalıbdır. Qızın atası-anası bu gün-sabaha qoyurlar. Görək nə tövr olacaqdır. P ə r z a d. Pəh, pəh, pəh! Ölmə eşşəyim ölmə, yaz açılar yonca bitər!.... (Əlini oynadır.) Səndən görürəm, toy eləyən olmayacaq. Y u s i f. Necə olmayacaqdır ki, gecə-gündüz toyun fikrini çəkirəm. Amma nə edim ki, deyirlər hələ səbir et.... P ə r z a d. Onlar hamısı sözdü. Belə bilirəm qızı dəxi sənə vermək istəmirlər. Ondan ötəri ki, qızı çox dövlətliləristəyirlər. Y u s i f. Onlar boş işdir. Bu ara sözüdür və belə sözlərə inanma. P ə r z a d. Genə sənə versəydilər, mən də bir parça çörək yiyəsi olardım. Heç olmasa toyda bir az pul yığardım. Görəsən hansı iraq adama verəcəklər. Xeyri də özgələr görəcək.... (Fikrə gedir.) Sən bilirəm, ay Yusif bəy, ona arxayın olubsan ki, qız səni sevir, amma sənin öz canın üçün inanma. Qızı da yoldan çıxardarlar. Y u s i f. Kim çıxardacaq? P ə r z a d. Mənim kimi küpəgirən qarı azdımı? Vallah elə cadu-pitilər qayırarlar ki, qızı yatdığı yerdə gecə vaxtıgətirərlər.... Y u s i f (gülə-gülə). Hə ... hə ... hə .... Nə edək! Qoy etsinlər. Sən ki, allaha şükür, sağsan. Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. P ə r z a d. Ah! Keçəl dərman bilsə, öz başına sürtər. Mən hərgah dərman bilsəydim özümə elərdim ki, belə tez qocalmıyam.... Y u s i f. Pərzad nənə, qocalıq məgər pis şeydirmi? P ə r z a d. Ah, allah kəssin belə şeyi! Qocalıqdan yaman şey yoxdur, ay balam! Sözünə nə gəlin qulaq asır, nə oğul, nə nəvə. Bir parça çörək hərdənbir versələr verirlər, verməsələr gərək ağzı möhürlü oturasan. Elə ki, bir az dindin, deyirlər: "Qoca köpək, dinmə, səsini kəs". Bunlar hamısı da oğuldan keçir. Mənim oğlumu görürsənmi, arvadına bir söz deyə bilməz. Ancaq acığı tutanda ağzına gələni mənə deyir. Belə oğulun başına at torbası keçirim. (Bərkdən.) Y u s i f. Pərzad nənə, görükür, oğlun övrətini çox istəyir. P ə r z a d. Çox istəyir dedin, qoydun. Bir gün olmaz ki, əliboş gəlsin: bir gün tumanlıq alır, bir gün köynəklik alır, bir gün nə bilim, başına yaylıq alır. Mən yazıq qalıram baxa-baxa. Üç ildir bircə don alıb, indi də gəlinim ağzını açanda deyir ki, "anam, donu belə tez xarab eləmək olmaz ki? Ərim yazıq deyilmi?" (Ağlayır.) Nə bilim, vallah, cavablarını bir pərvərdigar versin. Xoş sənin ananın halına ki, allahın rəhmətinə gedibdir, gəlin üzü görməyibdir. Y u s i f. Pərzad nənə, sən elə bilirsən hamı oğullar səninki kimi olur? P ə r z a d. Elə demə, arvad alandan sonra sənə deyərəm. Sənin canın üçün Yusif bəy, arvad xeylağı elə şeytan olurlar ki, kişini bir öpüşlə aldadırlar. Y u s i f (tərəfə). Özü də şeytan oldu! Ay Pərzad nənə, sən özün sən allah, gəlin olanda qaynananla necə dolanıbsan? P ə r z a d. Mənim işim özgə. Ondan ötəri ki, mənim qaynanamın ağzı çox yava idi. Harada oturardı deyərdi ki, "mənim gəlinim yox olsun". Ondan ötəri ki, atası evinə çörək-zad göndərəndə həmişə ərimə deyərdim. O da onun üzünü danlardı. Doğrusu, elə vaxt da olub ki, iki-üç gün onu ac qoymuşam.... Y u s i f (tərəfə). Hə ... hə.... Nə tökərsən aşına, o da gələr qaşığına. (Dişqarıda övrət səsi gəlir, Pərzadı çağırır.) P ə r z a d ı n g ə l i n i. Ay əmidostu! U!.... P ə r z a d (tez ajağa durur). Gördün hələ, boynu qırılmış gəlinimin səsidir, tumanını çəkə-çəkə gəlib məni tapıb. (Gedup.) Salamat qal, Yusif bəy! Y u s i f (dalınca gedə-gedə). Xoş gəldin! PƏRDƏ * * * İkinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Hacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək. X ə d i c ə. Pərvərdigara! Nə vaxtadək mən qanlı yaşlar tökəcəyəm! (Üzünü yuxarı tutur.) Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? Ya rəbb! Görəsən məhəbbətdən qüvvətli şey olarmı? Qaranlıq gecələri aydın göstərən, insanı ay və ulduz ilə danışdıran məhəbbət deyilmi? Ya rəbb! Mən bədbəxt bir şəxsin oduna yanım, rəvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdən əli ilə başını tutur və bərkdən.) Uf!.... Nə yaman fikirdi mənim başıma gəldi! (Gah gəzinir, gah dayanıb durur.) Bəyəm məhəbbət ondan ötəridir ki, illərlə bəslədiyin gözəl fikirlər axırda bir dəqiqənin ərzində puç ola? Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm. Əlbəttə, hərgah məhəbbət ancaq mənim tərəfimdən olsaydı, mümkün olardı ki, bu iş başa gəlməyə. Amma mənim yəqinimdir ki, Yusifin mənə məhəbbəti mənimkindən az deyil. Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. (Fikrə gedir.) Görüm, ya rəbb, nə vaxt yarımla görüşəcəyəm?! (Fikrə gedir.) Yusiflə görüşməyi hərdəm yada salıb ruhum təzələnir.... (Fikrə gedir.) Ah, bu qədər səbir etmək olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifə desin ki, mən onunla görüşmək istəyirəm. O vaxt açıb ürəyimin dərdini ona deyərəm. Yusif insafa gəlib işi təxirə salmaz. (Gedib Nazlını dişqarıdan səsləyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.) İKİNCİ GƏLİŞ X ə d i c ə (Nazlının əlindən tutub). Nazlı! Mənim dərdim günü-gündən artır və özün də bilirsən ki, səbəbi nədir. Səni özümə başdan yavuq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. İndi özün bil. Bundan artıq dəxi dayana bilmirəm. (Ağlayır.) N a z l ı. Nə var, xanım Xədicə! Nə olubdu? (Xədicə ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nə olubdu? Göz yaşını nə üçün tökürsən? Xəd i c ə. Of.... Sən allah yaramı təzələmə, tabım yoxdur. təzədən açıb sənə ürəyimin dərdini deyim.... Ancaq.... (İstəyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq.... Səndən təvəqqe edirəm ki, bu gün necə olsa, Yusifə deyəsən mənim yanıma gəlsin. Belə vaxt heç ələ düşməz. Atam-anam dayımgilə gediblər, özləri də gec gələcəklər. Yusifə deyərsən ki, səninlə gəlsin. Elə ki, Yusif darvazadan içəri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gələn olsa xəbər etsin. Onda Yusifi dal qapıdanyola salarıq. N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün də, sənin üçün də xarabçılıq olar. X ə d i c ə. Görünür ki, hələ uşaqsan. Məhəbbət meyvəsini dadmayıbsan. Hərgah dadsaydın, bu sözü deməzdin. Sən elə bilirsən bizim məhəbbətimizi heç kəs bilmir? İnandırıram ki, bu işdən hamı xəbərdardır. N a z l ı. Doğrudur, bir neçə adam bilir və Yusiflə sən əvvəlinci dəfə görüşmürsən. İki-üç dəfə olubdu. Amma genə yaxşıdır ki, bir neçə vaxt hələ gizlin tutasınız. X ə d i c ə (tərəfə). Pərvərdigara! Məhəbbət hissiyyatı olmayan adam ilə nə müşküldür danışmaq? (Gedib Nazlının əlindən tutur.) Nazlı! İnsan hər şeyi pünhan tutsa, məhəbbəti pünhan tuta bilməz. Allahı istərsən, mənim dərdimə əlac et.... N a z l ı (tərəfə). Gələsən atası anası ilə danışdığı söhbəti açıb deyim.... (Fikrə gedir.) X ə d i c ə (əlindən tutur). Niyə fikrə getdin? Yoxsa bir şey bilirsən? Hə? De.... De, görüm. N a z l ı. Doğrusu.... Yusifin tərəfindən bir şey eşitməmişəm. Amma yaxşı olardı ki, bu fikirləri yavaş-yavaş başından çıxardasan. Çünki necə ki, mən görürəm bunun axırı puç olacaqdır.... X ə d i c ə (təəccüblə). A.... Görükür, səndə xəbər çoxdur. İndi de görüm, nə var? Yoxsa, and olsun bu məhəbbətimə özümü burada həlak edərəm. (Şey gəzir.) N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sənə birbəbir deyim: dünən axşam çay vaxtı atan və anan bağçada oturub sənin sözünü danışırdılar. Mən də ağacın altında oturub çay hazır eləyirdim. Sözlərindən görükür ki, səni Yusifə verməyəcəklər. X ə d i c ə (təəccüblə). Məni?.... Yusifə? N a z l ı. Bəli. X ə d i c ə (tərəfə). Pərvərdigara! Nə acı sözlərdir mən eşidirəm. (Nazlıya tərəf.) Səbəbini bilmədinmi? N a z l ı. Səbəbi odur ki, necə ki, atan deyirdi Yusif kasıbdır.... X ə d i c ə. Sən bunu yəqin eşidib deyirsən? N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstərir.) X ə d i c ə. Uf! Fələk!.... (Əyləşib üzünü əlləri ilə tutur və bir az fikirdən sonra.) İndi ki, belədir, get bu saat Yusifi çağır gəlsin, heç olmasa axırıncı dəfə onun üzünü görüm və dərdimi ona bəyan edim. Ta bir az ürəyimin odu sönsün. N a z l ı. Buyurursan, gedərəm. (Nazlı dişqarı çıxır.) X ə d i c ə (tək, üzünü xalqa). Pərvərdigara! Dünyanın işinə bax, insanı heyvan dərəcəsində tuturlar. Məni Yusifə vermək istəmirlər. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrə gedir.) Uf! (Ürəyini əli ilə tutur.) Ruzigara bax.... İstəyirlər məhəbbəti pulla puç edələr. Görükür, ata və ana qızı verəndə onun gələcək xoşbəxtliyini dövlətdə görürlər. Dəxi bunu bilmirlər ki, məhəbbət etdiyi işləri heç dövlət etməz.... (Saçını əli ilə tutub bərkdən.) Uf! Bu bəlalı başıma necə fikirlər gəlir. (Fikrə gedir.) Yox, jox ... bundan sonra mən dəxi yaşamaram ... And olsun Yusifin canına, hərgah bu iş başa gəlməsə, özümü həlak edəcəyəm.... (Fikrə gedir.) Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm ki, Yusiflə məni ayrı sala. Bir az səbir edim.... İndi yəqin ki, gələr. (Səs gəlir.) Gərək ki, gələn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.) ÜÇÜNCÜ GƏLİŞ Yusif və Xədicə. Y u s i f (təəccüblə). Xədicə! (Yavuq gedib qucaqlayır. Xədicə başını aşağı salıb cavab vermir.) Xədicə! Niyə danışmırsan? Nə olub sənə? Desən görüm. (Xədicə cavab vermir.) Xədicə! Sən mənim canım, de görüm nə üz veribdir? Bəsdir, məni az incit. (Xədicə ağlayır.) Bircə de görüm, nə üçün ağlayırsan? X ə d i c ə. Necə ağlamayım ki, illərlə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir.... (Ağlayır.) Y u s i f. Necə? (Qucaqlayır.) Necə? .... Bir də de görüm! X ə d i c ə. Yusif! Səni and verirəm bizim məhəbbətə, qoy bir az sənin qucağında, nəfəs alım. Bəlkə bu axır görüşümüz oldu. Y u s i f (birdən ayağa durur). Xədicə! Sən nə söyləyirsən? Fikrin özündədirmi? Necə ki, axır nəfəsdir, ha? De görüm, yoxsa and olsun sənin bu zülflərinə, özümü bu saat həlak edərəm. (Əlini cibinə uzadır.) X ə d i c ə (Yusifi bərkdən tutub). Ay, bircə səbir et. Y u s i f (qucaqlayır). De görüm, bu nə sözlərdir, sən deyirsən? X ə d i c ə. Bircə de görüm, məni nə vaxt xoşbəxt edəcəksən? Y u s i f. Nazlı Xədicə, sənin xoşbəxt olmağın qalıb ata və anana. Onlar da deyirlər ki, guya sən hələ toya hazır deyilsən. X ə d i c ə. Bəli, hərgah atam-anama qaldısa, ikimiz də bədbəxt olmuşuq. Y u s i f. Nə üçün? X ə d i c ə. Görükür, onlar indi fikirlərini dəyişiblər. Məni sənə vermək istəmirlər. Bu xəbəri mən bu gün eşidib sənə adam göndərdim ki, hamı əhvalatı sənə deyim, ta başımıza bir çarə qılaq. Y u s i f. Axı, səbəbi nədir ki? X ə d i c ə. Səbəbi odur ki, guya dövlətin yoxdur və guya məni dövlətli istəyir. Y u s i f. Xədicə! Bunlar ara sözüdür, belə sözlərə inanma. (İrəli gəlib Xədicəni qucaqlayır və Xədicə Yusifə qəmgin baxır.) X ə d i c ə. Of! Yusif! Gərək ki, sənin üzünə axır baxışımdır. (Üzünü tutub ağlayır.) Y u s i f (Xədicəni qucaqlayıb). Xədicə! Sən onu yəqin bil ki, sən mənimsən, mən sənin. Və ondan savayı niyə bir fikir etmirsən ki, hərgah sənin özgəyə meylin olmasa, kimin hünəridir səni verə, zira ki, şəriətə müxalif işdir. X ə d i c ə. Hərgah şəriətlə iş görsələr, mənim qorxum yoxdur. Amma nə fayda ki.... (Ağlayır.) Y u s i f (tərəfə). Bunu Xədicə doğru deyir. Pərvərdigara! Gör pul insanın gözlərini necə tutur ki, şəriət də unudulur və o məhəbbət ki, gələcəkdə iki nocavan onunla xoşbəxt olacaqlar, nahaq yerə puç edilir.... (Fikrə gedir və bərkdən). Uf! Uf! Xədicə (gedib Yusifin əlindən tutur). Yusif! Biz burada çox qala bilmərik; çünki indi anam gələr. Ancaq bir söz xəbər alacağam. Y u s i f. De görüm! X ə d i c ə. Səni and verirəm mənim sənə olan məhəbbətimə, doğrusunu de görüm, hərgah ruzigar belə bivəfa oldu ki, bizi bir-birimizlə ayırdı, onda tədbirin nədir? Y u s i f. Uf!.... Sənin sözlərin mənim ürəyimi dağlıyır. And olsun (ayağa durur, bərkdən) bizim məhəbbətə! And olsun bu yolda tökülən göz yaşlarıma! And olsun bu zülflərə (əli ilə göstərir) ki, məni kəmənd edibdir! Hərgah məqsuduma çatmasam, özümü bir dəqiqədə həlak edərəm.... X ə d i c ə (əlini ürəyinə qoyub). Dəxi bir az sakit oldum. (Tərəfə.) Mən bundan elə bu sözləri gözləyirdim. (Yusifə.) Dəxi mənim üçün bu sözlər kifayət edər. (Dişqarıda səs gəlir.) Y u s i f (tələsmiş). Mən dəxi gedim, gəlib bizi burada görərlər, yaxşı olmaz. X ə d i c ə. Gedə bilərsən.... Y u s i f (Xədicənin əlini öpüb). Salamat qal! (Dişqarı çıxır.) X ə d i c ə. Xoş gəldin! (Xədicə, tək.) Məhəbbət, həqiqət yaxşı şeydir! Mən Yusiflə asanlıqla ayrıldım. Çünki istəmədim onun ruhuna zəhmət verim. Hərçənd o gedəndə ağlamaq istədim, amma xeyr, mən ağlasaydım Yusifin ürəyi xarab olardı, mən dəxi ona tab gətirə bilməzdim.... Eybi yoxdur, səbir edərəm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Əyləşib üzunü tutur. Anası içəri daxil olur və Xədicəni bu halda, görüb onun yanına gedir.) DÖRDÜNCÜ GƏLİŞ Xədicə və Nigar. N i g a r. Xədicə, ay balam, nə üçün belə oturubsan, yatırsan? X ə d i c ə (birdən qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram. N i g a r (tərəfə). Görəsən genə nə olub? Üzündən qəm dəryasına batmış görünür.... Ay balam, genə allaha şükür, nə olub sənə belə pozulubsan? X ə d i c ə. Heç.... N i g a r (yavuq gedib). Axı de görüm, nə olub sənə? Hərgah azarlısan, adam göndərim həkim gəlsin. X ə d i c ə (başı aşağı). Mənim həkimim ... sizsiniz.... N i g a r. Yəni kim? X ə d i c ə. Səninlə atam.... N i g a r. Mən sənin sözlərindən əsla baş aça bilmirəm. (Yavuq gedib əlindən tutur.) Ay balam! Bircə dərdini desən görüm. (Tərəfə.) Qaydadır, görmüşük qızın nə dərdi olsa anasına deyər. Amma bu evi yıxılmışın qızı heç görmədim ki, bir otura mənimlə söhbət edə. Eh, özün bil, sabah-birigün ərə gedərsən, sənin də canın qurtarar, mənim də. X ə d i c ə (tərəfə). Uf!.... N i g a r. Heç ah-vay eləmə. Az qalıbdır, iş düzəlibdir. Bir ay çəkməz ki, toyun olar.... (Hacı İbrahim içəri daxil olur.) BEŞİNCİ GƏLİŞ Hacı İbrahim, Nigar və Xədicə. H a c ı İ b r a h i m (Xədicəni qəmgin görüb). Genə nə var, ana-bala oturub kimin qeybətini edirsiniz. (Xədicə ayağa durur.) N i g a r. Heç kəsin. Öz dərdimiz məgər azdırmı? H a c ı İ b r a h i m. Nə olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda ərə verərsən gedər. N i g a r. Doğrudan, iş nə tövr oldu? (Xədicə dişqarı çıxır.) H a c ı İ b r a h i m. Kişiyə söz verdim. İndi gərək hazırlaşaq. N i g a r. Yaxşı, de görüm, yerinə yetibsənmi, görək necə adamdır: atası kimdir, anası kimdir? H a c ı İ b r a h i m. Arvad, sən allah, qoy görək. Yenə arvadlığına salma. Nəyinə lazımdır kimin oğludur, kimdir və ulu babasının adı nədir? Pulu ki var, hamısından yaxşıdır. N i g a r. Məgər pulu çoxdurmu? H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünəmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dəxi nə istəyirsən? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövləti qoyub Yusifə mən niyə verim? Doğrudur, oxuyub, əli qələmlidir, amma aldığı altmış manat məvacibdir. Onunla külfətini necə dolandırsın? Sən indi adam göndər qızın dayısına, gəlsin toyun tədarükünü görək. (Nigar çıxır.) H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demək, Yusif də pis oğlan deyil. Amma nə fayda ki, az məvacib alır. Mənim bir qızımdan savayı heç kəsim yoxdur və qızımı da versəm, yeznəm mənimlə gərək olsun. Yeznəm də kasıb olsa, mənim dövlətimi iki ilin ərzində yeyib gedəcək. Amma hərgah dövlətli olsa, bu dövlət qurtaran deyil.... (Nigar daxil olur.) ALTINCI GƏLİŞ Nigar, Hacı İbrahim. N i g a r. Adam göndərdim. İndi ay kişi, bir iş var ki, qız bu işə razı olmaya. Ondan ötəri ki, qonşu arvadların sözünə görə qızın könlü Yusifədir. H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belə sözlər danışma, necə ki, qızın könlü Yusifədir? Sən qız anasısan. Sən gərək ona nəsihət edəsən və hərgah razı olmasa de ki, biz onun gələcəyi üçün çalışırıq və istəyirik ki, gələcəkdə o,bir parça çörək yiyəsi olsun. Zəmanəmiz pul zəmanəsidir, ondan da savayı, kişinin əsli bəydir. N i g a r. Özün bil. Amma bu iş çətin olacaqdır. H a c ı İ b r a h i m. Heç bir çətinliyi yoxdur. Sən arvadsan, mən bilən işləri sən bilməzsən. Qoy dayısı gəlsin, o, başa düşər. (Niyaz bəy içəri daxil olur.) YEDDİNCİ GƏLİŞ Hacı İbrahim və Niyaz bəy. N i y a z b ə y. Salaməleyküm! H a c ı İ b r a h i m. Əleyküməssalam! Gəl görək Niyaz bəy, əyləş. (Yer göstərir, Niyaz bəy gəlib əyləişr.) N i y a z b ə y. Xeyir ola, Hacı əmi? H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xədicənin işindən ötəri zəhmət vermişəm. N i y a z b ə y. Mən təəccüb edirəm sizin işinizə. Nə üçün bu vaxta qədər belə işi qoyursunuz qala? Yusif necə ki, mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. H a c ı İ b r a h i m. A kişi, Yusif nədir--zad nədir? Qızı özgə adama verirəm. N i y a z b ə y. Nə deyirsiniz? Mən sizin sözlərinizi başa düşə bilmirəm. H a c ı İ b r a h i m. Nə başa düşməyi var. Qızı dəxi Yusifə vermirəm, özgə adama verirəm. N i y a z b ə y (təəccüblə). Kimə? H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bəylərindəndir, çox yaxşı mülkü-maşı var. Özünün deməyinə görə, kefi çox kökdür. N i y a z b ə y. Hacı əmi, belə şeyi eləmə. Eyib şeydir. Xalqı üstünüzə güldürməyin və görün bir oxuyub, tərbiyəsi vardırmı? H a c ı İ b r a h i m. Ay sağ olmuş, mənim nəyimə lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hər şeydən yaxşıdır.... N i y a z b ə y. Elə deməyin. Nə qədər pulu çox olmuş olsa da, yenə Yusif ondan məsləhətdir. Çünki zəmanəmiz belə zəmanədirki, indiki mədəiiyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. Zira ki, bunların əlində qələm var və o qələmlə həmişə bir parça çörəkləri var. Amma baxırsan bizim dövlətlilər öz nəfslərini pula satıb cürəbəcürə yollarla pul qazanırlar və öləndən sonra onların tərbiyəsiz olan uşaqları qalan dövlətin qədrini bilmirlər. Çünki asanlıqla əllərinə düşüb. Bir az müddətdə atadan qalan dövlətin axırına çıxırlar.... Ondan masəva, bu oxuyub tərbiyə alanların nəzərləri külfətə ayrı, avamlarınkı ayrı, məsələn, mərifətli kişi heç vaxt övpətüstünə övrət almaz. Övrəti öz zindəganlığında özünə yavuq yoldaş bilib onu qoymaz pis günlər çəksin. Amma mərifətsiz kişidən hər şeyi gözləmək olar. Gündə bir övrəti döyər, elə ki, bir az pulu artıq oldu, bir özgəsini də alar. Axırda görərsən ki, biçarənin ocağı viran oldu. Belə ittifaqlar azdırmı? H a c ı İ b r a h i m. Niyaz bəy! Niyə elə şeylər danışırsınız? İki övrət almaq şəriətdə də var ki?! Və hərgah o, mənim qızımın üstünə övrət alsa, bir saat qoymaram qızım onun evində qala. N i y a z b ə y. Mən təəccüb edirəm ki, siz şəriəti yaxşı bilə-bilə nə üçün şəriətə böhtan deyirsiniz? H a c ı İ b r a h i m. Necə? N i y a z b ə y. Ondan ötəri ki, şəriətimiz buyurmur ki, iki ya üç övrət al. Şəriətdə deyilir ki, yaxşı olar ki, övrətin ola-ola ikincisini almayasan. Amma elə ki, alırsan, gərəkdir bu şərt-şürut gözləyəsən. Ona görə sizin canınız, üçün, hərgah şəriətə görə iki övrət alsaq, əsla düz deyil. Zira ki, o şərt-şürutu ki, qanunda var, onu heç kəs layiqincə yerinə yetirə bilməz. H a c ı İ b r a h i m. Xülasə, iş olub-gedibdir. Qızı vermişəm, siz də gediniz qıza xeyir-dua veriniz. N i y a z b ə y. Mən xeyir-dua verməyə həmişə hazıram, amma işlərinizə qarışmayacağam. (Hirsli.) H a c ı İ b r a h i m. Niyaz bəy! Belə söz nə üçün danışırsınız? Görükür, yəqin oğlanı görməyibsiniz. Hərgah görsəniz, bilərsiniz ki, mən səhv etməmişəm. N i y a z b ə y (ayağa durur getməyə). Bəli, dəxi mən gedim. H a c ı İ b r a h i m. Xeyr, getməyin, mən oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tədarük edə. İki həftədən sonra toydu. Əyləşin, indi oğlanı siz də görüb aşna olarsınız. (Dişqarıdan səs gəlir.) H a c ı İ b r a h i m. Gərək ki, gələn odur. (Durub qapıya gedir.) A.... Salaməleyküm! Salaməleyküm! Buyurun görək. (Şamdan içəri daxil olur.) SƏKKİZİNCİ GƏLİŞ Ş a m d a n (Niyaz bəy tərəfə gedib əl verir). Salaməleyküm! (Şamdanı Niyaz bəy görüb tanıyır və danışmayıb heyran qalır.) H a c ı İ b r a h i m. Əyləşiniz. Allah qoysa, nə vaxt təşrif aparırsınız? Ş a m d a n. İnşaallah, bir-iki gündən sonra. H a c ı İ b r a h i m. Bəs eşitdim ki, sabah buyuracaqsınız. Ş a m d a n. Bəli. Fikrim var idi sabah gedəm. Ancaq qubernatorla bir az işim olmağa görə qaldım. H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı? Ş a m d a n. Necə ki? Dünən məni çaya çağırıb saat on birədək oturub söhbət etmişik. (Hacı İbrahim Niyaz bəyə baxıb lovğalanır.) Çoxusu ondan ötəri getmirəm ki, qubernatorun bu günlərdə qonaqlığı olacaqdır. Məndən təvəqqe etdi ki, mən də orada olam. (Hacı. İbrahim Niyaz bəyə baxır və Niyaz bəy başını bulayır.) H a c ı İ b r a h i m. İnşaallah, gələndən sonra mənim də bir işim var. Qubernatordan keçir, onu da düzəldərsiniz. Ş a m d a n. Çox əcəb. Bu vaxtadək bir iş olmuyubdur ki, mənim təvəqqemi yerinə yetirməyə. Mənim burada çox dostlarım var. Sudun predsedateli, prokuror və qeyriləri. Bunların vasitələri ilə neçə adamları qulluğa qoymuşam. (Cəfər çay gətirir.) H a c ı İ b r a h i m. Buyurun çay içək. (Mizə yavuq oturub çay içirlər.) Ş a m d a n. Bir ay bundan müqəddəm mənim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-əqrəbaları bilirdilər mənim divan adamları ilə dostluğum var. Hamısı gəlib ayağıma düşdülər ki, onu qurtaram. Həqiqət, özümün də çox yazığım gəldi. Bir balaca kağız yazıb o saat onun işini təmizə çıxartdım. Xülasə, sizin dövlətinizdən sözüm çox ötkəmdir. Burada, bəlkə tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündə çox zəhmət çəkib müəllimlikdən özgə yerə təyin etdirdim. (Yavaşdan.) H a c ı İ b r a h i m. Maşallah sizə. (Fəxr edir.) Belə işlərdə hünər lazımdır. (Stəkanları aparıb çay gətirir.) Ş a m d a n. Belə adamlar ilə aşna olmağıma səbəb görürsünüz ki, xalq də mənə hörmət edir. Məsələn, indi şəhərə gedəndə qabağıma heç olmasa əlliyədək adam gələcəkdir. N i y a z b ə y. Bəli ... m ... m.... Bu mərtəbəyə çatmaq üçün böyük hünər lazımdır. H a c ı İ b r a h i m. Əlbəttə, əlbəttə. N i y a z b ə y (tərəfə). Amma yaxşı gop vurur. Ş a m d a n (ayağa durur). Məni dəxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlə söhbət edəm. H a c ı İ b r a h i m. Bəs niyə belə tez? Əyləşəydiniz bizimlə bərabər çörək yeyərdik. Ş a m d a n. Çox məmnun və məsrurəm. Ancaq knyaz Sakarilinlə, qubernatorun yeznəsidir, bu gün firəng konsulu ilə ki mənim qədim dostumdur, bağda rast gəlib çox-çox təvəqqe etdilər ki, bu gün onlara gedəm. H a c ı İ b r a h i m. Bəli, hərgah söz veribsiniz, vacibdir. Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklərin hələ gözlərinə görükmürəm. (Əl verir.) Xudahafiz. (Gedir və onun dalınca Hacı İbrahim. Birdəp guya yadına qapıda bir şey düşüb geri qayıdır.) Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır. H a c ı İ b r a h i m. Bəli, bəli. (Özü gedib qələm və kağız gətirir . Şamdan yazır və danışır.) Ş a m d a n. Elə indi yadıma düşdü. Gərək bir tel vuram Peterburqa, qraf Zamburski məni dəxi gözləməsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim də onun dalınca.) N i y a z b ə y (tək, ayağa durur). Bizim qızların evlərini elə belə şeylər yıxır. A kişi, qəribə bihəya adamdır! Məni utandırır ki, mənim yanımda özünü bu qədər tərif edir. Dəxi mən nə danışım.... (Fikrə gedir.) Heyf! Heyf ki, elə qızı belə adama verirlər.... Gör sən allah, o adama xəyanət edir ki, evində yeyir-içir və özü də dəxi bir adam olubdur. Doğrudur,ata istəyər ki, qızını yaxşı yerə versin, tainki axırda bir parça çörək sahibi olsun. Amma bunlardan baş məhəbbətdir,zira ki, bir övrətlə kişinin bir-birinə məhəbbəti oldu, onlar heç vaxt korluq çəkməzlər. Onlar bir-birinə xoş gəlməkdən ötrü hər ikisi çalışacaqlar ki, zindəganlıqları xoş keçsin, ta bir-birindən narazı olmasınlar. O məhəbbət ki, Xədicə və Yusifdə var, neçə ki, mən bilirəm, bu xoşbəxtlikdir.... (Fikrə gedir.) Bəlkə qız dəxi istəmir.... Yaxşı olar ki, özünü mən buraya çağırıb bir neçə sual verim. (Gedib qapıdan səs edir.) Nazlı! Ay Nazlı! Xədicəni bura çağır. (Gəlib əyləşir və fikrə gedir. Xədicə içəri daxil olur.) DOQQUZUNCU GƏLİŞ Xədicə və Niyaz bəy. X ə d i c ə. Salaməleyküm, dayı! N i y a z b ə y. Əleyküməssalam! (Üzünə diqqətlə baxır.) Niyə saralıbsan? Azarlısanmı? X ə d i c ə (başı aşağa). Bəli, bir az başım ağrıyır. N i y a z b ə y. Ay balam, mən sənin dayınam. Təvəqqe edirəm, səndən bir şey xəbər alacağam, doğrusunu mənə deyəsən. Heç məndən utanma.... X ə d i c ə. Nə buyuracaqsınız, buyurun. N i y a z b ə y. Doğrusunu de görüm, sən Yusifə getmək istəyirsən ya yox? (Xədicə utanıb başını aşağı salır, cavab vermək istəmir.) N i y a z b ə y. Sən mənim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gərək mən biləm.... X ə d i c ə (yavaş-yavaş oturur və tərəfə). Ah, görəydim, pərvərdigara, mən nə vaxtadək səbr edəcəyəm? N i y a z b ə y (gedir Xədicənin yanına). Xədicə, sən mənim canım, de! X ə d i c ə. Mən artıq cavab vermək istəmirəm. Ancaq onu bil ki, mənim Yusifə olan məhəbbətim məni, ya bizdən birimizi bədbəxt edəcəkdir. Of! (Ürəyi gedib uzanır, Niyaz bəy tez başını tutur və adam çağırır.) N i y a z b ə y. Xədicə! Özünü toxtat.... Ay Nazlı! (Bərkdən.) Su gətir. (Nazlı gəlib qapıdan baxıb tez gedir su gətirməyə.) Ağanı, xanımını çağır bura. (Hacı İbrahim, Nigar, Nazlı tez gəlirlər. Hamı heyran qalır.) N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hələ nə oldu? PƏRDƏ * * * Üçüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Yusifin otağı. Şamdan bəy. Ş a m d a n (ayaq üstə). İndi bildim ki, mən Şirvanı bir gecənin içində nə üçün atıb buraya gəldim. Deyəsən mənə elə deyirdilər: get. Görükür, xeyrim var imiş. Yoxsa belə şey olmazdı ki, mən elədim. Cibin bir qəpik pulsuz gələsən belə şəhərə, çox çətin işdir. Bəli, görükür səbəbi var imiş. Dəxi nəyimə lazım Yusif tapdığı qulluq.... (Fikrə.) Xülasə, dünyanın işini bilmək olmaz. Görükür, mənim alnımda bunlar hamısı yazılıbmış. Heç yatanda da belə xoşbəxtlik fikrimə gəlməzdi. Dəxi bundan artıq nə istəməli? Hacı İbrahim mənə qızını verir. Amma qəribə qızdır ha ... yemə, içmə onun camalına bax. Qızın yaxşı cehizi, pulu, mülkü. Özü də, nəhayətdə ağıllı-kamallı qızdır və hətta Hacı İbrahim məxsusi mənə dedi ki, toy olandan sonra köçüb onunla bir yerdə olum. Çünki tək bir qızı olmağına görə istəmir ki, gözündən uzaq versin. Bu mənim üçün dəxi də yaxşı oldu ki! Mənim nəyim var ki, mən onu saxlayam. Ondan savayı Hacı İbrahim heç qoymaz ki, özü dura-dura mən xərc edim. Dövləti başından aşıbdır. Özü yeyincə yeznəsi yeyər. Ah! Ah! (Gülür.) Həqiqət, heç belə ittifaq olmazdı ki, mənə üz veribdir, amma.... (Yavaş danışıb qapıya baxır ki, eşidən olmasın.) Amma ... gərək (tərəfə baxır) hm ... mənim bu hiyləmi heç kəs bilməsin. Hacı İbrahim bilsə ki, mən ona gop vurmuşam, qızı da verməz və əlim də bu qədər dövlətdən çıxar. Bunlar hamısı keçər gedər.... Ancaq bir şey qabağımı tutubdur. (Tərəfə baxır.) Mən bu vaxtadək Yusifin evində oluram. Özü də axşam evə gələcəkdir. Onsuz da olmaz ki, bu xəbəri eşitməsin, ona görə buradan gərək uzaq olam. Zira ki, qızı əlindən almışam, bu iş davasız olmayacaqdır. Bunun evində də əyləşib onunla dava etmək olmaz, ona görə gərəkdir indi köçüb gedim bir ayrı yerə.... (Fikrə gedir.) Yaxşı, bəs hara köçüm?.... Ah, gedərəm qəstinə! Bəs ... hm.... Pul lazım olanda nə edim?.... (Fikrə gedir.) 3əpər yoxdur. Yazaram Hacı İbrahimə ki, evdən pul gələnədək mənə min manat göndərsin. Onda həm qəstinin pulunu verərəm, həm toy tədarükünü görərəm. Onu da yəqin bilirəm ki, Hacı İbrahim verəcəkdir. Çünki özümü elə qələmə verməmişəm ki, verməsin, bəlkə iki min də verə.... Ah! Ah! (Gülür.) Amma dil də insanda yaxşı şeymiş! Çox adam dilin səbəbinə bədbəxt olur, amma mən xoşbəxt olmuşam.... Uf! (Ürəyini əli ilə tutur.)Ürəyim nə pis döyündü. (Fikrə gedir və başını əli ilə tutur.) Ah, nə axmaq fikirlərdi başıma gəlir? Mənə guya biri deyir ki, yoldaşa xəyanət eləmə. Bundan nə xəyanətlik var, Hacı İbrahim qızını Yusifə vermək istəmir, mənə verir.... Bu da yəni bir işdir.... Mal yiyəsi bilər.... Mənə indi bir ay çörək veribdir ki, mən bu qədər dövləti əlimdən çıxardım. Vaxt olar mən də ona edirdərəm.... Xeyr ha.... Bunlar boş fikirlərdir. Bu dünyanınkı belə gərək olsun: harda əlinə düşdü ovla.... (Fikrə gedir.) Dəxi mən şeylərimi yığıb gedim. Həqiqət, istəmirəm ki, bu işdən sonra Yusif ilə görüşəm. (Şeylərini yığışdırır. Qapıya gedib səs edir.) Qulu! Ay Qulu! (Qulu daxil olur.) İKİNCİ GƏLİŞ Qulu və Şamdan. Q u l u. Nə buyurursunuz? Ş a m d a n. Yusif nə vaxt gələcəkdir? Q u l u. Gərək ki, saat yeddidə. Ş a m d a n. Bu uzaq oldu.... Mən onu gözləyə bilməyəcəyəm.... Gərək gedim.... Q u l u (şeyləri görüb təəccüb edir). Ağa, hara buyurursunuz? Ş a m d a n. Mən ... m ... m.... Özgə yerə köçürəm ... m ... m.... Burada dolana bilmirəm. Q u l u. Niyə, allaha şükür! Yusif ağam sizin başmağınızı cütləməyə hazırdır, mən də sizin qulluğunuzda varam. Ş a m d a n. Bura ... m ... m.... Doğrusu, mənim ... m ... üçün ... layiqli yer deyil.... Ayrı otaq tutmuşam. Ondan savayı bundan sonra mənim yanıma gəlib-gedən olacaqdır. Nə lazımdır özgəyə zəhmət verim?.... Qoçaq, dəxi durma, fayton çağır, şeyləri qoyum gedim. Q u l u. Ağa, doğrusu, mən sizi qoymaq istəmirəm. Ondan ötəri Yusif ağam elə fikir edər ki, mən sizi incitmişəm, ona görə siz gedibsiniz. Mənim dərimə od vurar. Ş a m d a n. Sən qorxma, mən özüm sabah gəlib onunla danışaram.... Ancaq yubanma, get faytona. (Qulu istər-istəməz gedir.) Ş a m d a n (şeyləri hazır edə-edə). Axmaq oğlu, mənim fikrimdən xəbəri yoxdur, durub hələ üsuliddin xəbər alır. (Əlini cibinə aparır.) Faytona pulum yoxdur, nə etməli? (Fikrə gedir.) Zərər yoxdur.... Quludan alaram. (Qulu daxil olur). ÜÇÜNCÜ GƏLİŞ Q u l u. Ağa, fayton hazırdır. Ş a m d a n. Səndə ... m ... m... bir, ya iki abbası pul olarmı faytonçuya verim. Məndə m ... m ... yüzlükdür, onu da hər saatda xırdalamaq mümkün olmur. Q u l u (tez əlini cibinə aparıb). Var, var, hərgah istəyirsiniz, çox verim. Ş a m d a n. M ... m ... yaxşı, varınsa, bir manat ver. (Qulu ikinci dəfə pul çıxardıb verir.) Salamat qal. (Qulu şeyləri götürüb gedir, tez qayıdıb evi yığışdırır.) Q u l u (tək). Bu işə mən mat qalmışam.... Bu vaxtadək burada yeyəsən, içəsən, indi nə oldu ki, bizim evi bəyənmədi? Yox, burada bir iş var, görükür ağamla araları dəyibdir. Yoxsa belə olmazdı. (Fikrə gedir.) Amma bu da ola bilməz. Çünki mənim ağam heç qəlb sındıran adam deyil və bunun başına pərvanə kimi gecə-gündüz dolanırdı. Xülasə, görəsən nə var, indi ağam gələr, iş aşkar olar. (Səs gəlir. Yusif acıqlı içəri daxil olur.) DÖRDÜNCÜ GƏLİŞ Qulu və Yusif. Y u s i f. Qulu! Çay hazırdırmı? (Fikrə gedir.) Şamdan hələ gəlməyibdirmi? Q u l u. Gəlmişdi. Bir az bundan qabaq getdi. Y u s i f. Hara? Q u l u. Bilmirəm. Şeylərini də götürüb getdi. Y u s i f. Necə? Şeylərini? Q u l u. Bəli, dedi ki, mən indi özgə yerdə olacağam. Y u s i f. Özgə yerdə ... m ... m.... (Fikrə gedir.) Yaxşı, indi anladım ... m ... m.... Q u l u. Ağa, sən allah de görüm, axı nə olubdur? Y u s i f. Heç, get.... (Fikrə gedir və sonra əli ilə mizin ustə bərkdən vurur.) Uf! Ruzigar! Q u l u (qorxub atılır və papağı başından yerə düşur, papağını götürüb Yusifə qorxa-qorxa baxa-baxa gedir.) Mən ömrümdə bunu belə hirsli görməmişdim. Y u s i f. Zəmanəyə baxırsan? (Fikrə gedir.) Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. Sual edirəm: necə? Cavab verir ki, Şamdan Xədicəni alır və atası dəxi razıdır. Mən əsla buna inanmadım. Amma bunun buradan köçməyi ona dəlalət edir. Görünür, Murad mənə deyən söz doğrudur. (Ayağa durur gəzinir.) Di gəl, bundan sonra yoldaşa inan. Pərvərdigara! Özün şahidsən ki, əlimdən nə yaxşılıq gəlib ona eləmişəm. Belə oldu ki, mənim çörəyimi yeyə-yeyə mənə quyu qaza.... (Fikir.) Pərvərdigara! (Bərkdən.) Uf! Uf!.... Hanı insaf? Mürvət? (Mizin yanında oturub başını əli ilə tutur.) Mən dəxi bu dünyada qalmaram. Gör heç rəvadırmı ki, illərlə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola.... Dünya bivəfa imiş. Onun hər işi cövrü-cəfa imiş. (Bərkdən əli ilə mizun üstə vurur.) Uf! Uf!.... (Durub gəzinir.) Uf.... Xədicə!.... Xədicə!.... (Bərkdən ağlayır.) And olsun, mənim məhəbbətimə! And olsun bugözlərimin yaşına ki, məhəbbət yolunda tökülür.... (Fikrə gedir.) Yox! Yox.... Bir az səbir etmək. (Gedir mizin yanında oturub başını əlləri ilə tutur. Rəsul daxil olur). BEŞİNCİ GƏLİŞ Rəsul və Yusif. R ə s u l. Yusif! Salaməleyküm! (Yusif cavab vermir. Rəsul gedib yavuğa.) Yusif! Sənə nə olubdur? (Cavab vermir, gedib əlini çiyninə qoyur. Bərkdən.) Yusif! Y u s i f (birdən ayılıb Rəsula təəccüblə baxır). Bəli! R ə s u l. Nə üçün belə qəm dəryasına mübtəla olmusan? Nə olub, allaha şükür? Y u s i f (əlini mizə vurur). Yox, gərək elə ola.... (Rəsul qorxub bir az uzaqlaşır.) R ə s u l (tərəfə). Yazığın başına hava gəlib, nədir?.... Qardaş, Yusif! Söylə görüm, nə üz veribdir? Y u s i f. Hə ... hə ... Nə olub? Ruzigar bivəfa imiş.... Uf!.... R ə s u l (tərəfə). Pərvərdigara! Biçarəyə görəsən nə bədbəxtlik üz veribdir. Gedim Quludan sual edim, bəlkə bir şey bilir. (İstəyir getsin, birdən Sultan və Murad bərkdən. danışa-danışa içəri daxil olurlar. Biri deyir: "Belə biinsaf iş olmaz ki, edibdir!" İkinci deyir: "Adətdən dişqarı bir şeydir". Yusif üzünü tutub oturur. Sultan, Murad daxil olurlar). ALTINCI GƏLİŞ Sultan, Murad, Pəcyl, Yusif. S u l t a n, M u r a d. Salaməleyküm! R ə s u l. Səs salmayın görək. S u l t a n,M u r a d. Nə olubdur ki? R ə s u l. Bir saatdır gəlmişəm, mənə dürüst cavab vermir. Ancaq natamam kəlmələr deyib hirslənir. M u r a d (Sultana). Sənə nə dedim? R ə s u l. Bircə deyiniz görək, nə olubdur? M u r a d. Nə olacaqdır? İnsafsız oğluna bir ay çörək verib əzizləyibdi, indi Xədicəni almaq istəyir. R ə s u l. Şamdan? S u l t a n. Bəli, Şamdan bəy.... R ə s u l. Tfu!.... M u r a d. Belə adamı boğazından asmalıdır! R ə s u l. Bəs elə bilirsən o, papaq qoyub bu vilayətdə gəzə biləcəkdir? S u l t a n, M u r a d, R ə c u l. (Hamı təəccüblə Yusifə baxır). Yusif, danış görək nə var, nə yox? Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gəlibsiniz.... Əyləşin.... M u r a d. Yusif, sən mənim canım, çox da fikir eləmə, o xəbər ki, mən sənə dedim, ara sözüdür. Bəlkə əsli də olmasın. Y u s i f. Xeyr, elədi ki, var. Çünki hərgah doğru olmasa idi, buradan köçməzdi. H a m ı s ı. Köçübdür? Y u s i f. Bu gün mən gəlməmişdən köçübdür.... (Fikrə gedir.) R ə s u l. Ay zalım oğlu, necə tez başa düşübdür!.... M u r a d. Mən təəccüb edirəm Hacı İbrahimə ki, belə adama qızını verir. R ə s u l. Görükür, genə gop vurubdur. (Yusif əlləri ilə başını tutub fikrə gedir.) M u r a d. İndi olan olub qurtarıbdır. Mən təəccüb edirəm ki, Yusif nə əcəb onunla dostluq edirdi, vəhalonki kişi danışanda özünü bildirirdi. S u l t a n. Bunu haqq deyirsən. Mən özüm də o fikirdə idim. Amma Yusifin ürəyi məndən sınar deyib söz açmırdım. Y u s i f (başını qaldırıb). Həzərat! Sizin canınız üçün bugünədək onun hiylələrini başa düşməmişdim. Hətta bir neçə təklifləri mənim aşkar zərərim isə də, yenə fikir edirdim ki, bu zalım oğlu məni özünə dost bilib mənim ayağımdan çəkməz. Mən nə bilim ki, bu biinsaf oğlu mənə başdan quyu qazırmış. (Fikrə gedir.) R ə s u l. İndi de görək, axı, bu işi belə qoymaq olmaz.Fikrin nədir? M u r a d, S u l t a n. Doğurdan de görək, necə olacaqdır? Y u s i f (bir az fikirdən sonra). Mənim bir özgə fikrim yoxdur. (Durub gəzinir.) Ancaq onu bilirəm ki, bu iş xeyirliklə qurtarmayacaqdır.... Arada bir qan olacaq.... (Fikrə gedir, qeyriləri bir-birinə təəccüblə baxırlar.) M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan. S u l t a n (ayağa durur). Zalım oğlunu bir gülləyə qurban edəsən. R ə s u l (ayağa durur). Heç elə sözlər danışmayın. (Qeyriləri Rəsula baxırlar.) O sözlər əbəsdir.... Onun burada heç kəsi yoxdur, heç kəsin də onunla əlaqəsi olmasın. Mənim fikrimcə, biz hərgah onunla bilmərrə əlaqəmizi kəssək, özü sonra düşünüb yoldaşına xəyanət etməz və onu da eşitmişəm ki, o qızı, o ala bilməyəcəkdir. Y u s i f. Qızı almamaqdan mən də arxayınam.... M u r a d. A kişi, necə arxayınsan ki, atası, anası razı olub, kəbinini də bu yavuq vaxtda kəsəcəkdir. R ə s u l. İnanma. Y u s i f. Mən ona görə deyirəm ki, o qız ona getməz. Amma çünki qızı zorla verəcəklər, ona görə ... m ... m.... Qız özünü həlak edəcəkdir. Ancaq bu iş məni təşvişə salıbdır.... Və onu da bilirəm ki, o qızdan sonra mən gərək bu dünyada qalmayam. (Tərəfə.) Uf, allah, nə yaman fikirlərdir başıma gəlir!.... (Başını əli ilə tutur.) H a m ı s ı. Sən heç darıxma, yaman adam öz cəzasına çatar!.... (Bu vaxt dişqarıdan qilü-qal səsi gəlir. Bunlar gedirlər qapıya sarı. Rza bəy, Heydər bəy, Nəcəf bəy içəri daxil olurlar.) YEDDİNCİ GƏLİŞ Əvvəlkilər və Rza bəy, Heydər bəy, Nəcəf bəy. R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f bəy. A kişilər, bu nə əhvalatdır şəhər də danışırlar? (Yusif başını aşağı salıb fikrə gedir.) M u r a d, R ə s u l, S u l t a n. Bir işdi, olubdur. R z a b ə y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdədir. Siz onu öz yanınıza salıb hamıya tərif edibsiniz və o dəxi sənin xatirinə görə mənim (əli ilə göstərir), Heydər bəyin, Nəcəf bəyin və qeyri mütəşəxxis adamların əziz qonağı olubdur. Amma indi başınıza olmayan işləri gətirir.... H e y d ə r b ə y. Təəccübdür! Bu neçə ildə onu tanıya bilməyibsiniz. N ə c ə f (tərəfə). Doğru deyiblər ki: "Ətə baxma, dona baxma, içindəki cana bax". Y u s i f. Doğru buyurursunuz ki, hamı günah məndədir.... (Başını aşağı salır). R z a b ə y. A kişi, bilməyirsiniz şəhərdə nələr danışırlar? Utanmaz oğlu özünü belə qələmə veribdir ki, guya Fətəli şahın nəvəsidir. H e y d ə r b ə y. O günlərdə deyirlər bir yerdə oturub bizim qeybətimizi edirmiş. Deyirmiş guya buranın bəyləri acdırlar və yemək-içməyi bacarmırlar. H a m ı. Gör sən allah?! R z a b ə y. Bundam da pis xəbərlər eşitmişəm. Ancaq Yusifin xatirəsi üçün bu vaxtadək danışmırdım. (Rəsul, Sultan, Murad bir-biri ilə yavaşdan söhbət edirlər.) N ə c ə f b ə y. Təvəqqe edirəm bundan sonra onunla heç kəsin əlaqəsi olmasın. Ta onu bir hala gətirək ki, ağlının naqisliyini və nacins olmağını özü anlasın. H a m ı. Yaxşı sözdür. R z a b ə y. Sizin canınız üçün, indi gedib onun piçini elə yerdən buracağam ki, axirətədək yana-yana qalsın. Xülasə, çox danışmaqdan bir şey çıxmaz. Gedirsiniz, gedək. H a m ı. Bəli, buyurunuz, (Yusifə) Salamat qalın! (Əvvəl Rza bəy, sonra qeyrilər dişqarı çıxırlar.) Y u s i f (tək). Mənə nə desələr, haqdır. Mən nə edim, nə çarə qılım? Mənim ürəyimdə bir kin-küdurət yoxdur. Ona görəözgəni də özüm kimi bilirəm və gözüm görə-görə özümü çürbəcürə bəlalara kiriftar edirəm.... Ah! Bircə Xədicə ilə görüşüb ürəyimdəki dərdimi deyəydim, bəlkə bir az sakit olaydım. (Fikrə gedir.) Nə etməli? Hə? Nə tövr edim ki, onunla görüşüm. (Fikrə gedir.) Cəhənnəmə, nə olar-olsun. Bir kağız yazıb göndərim, nə olar-olsun. (Oturub istəyir kağız yazsın.) SƏKKİZİNCİ GƏLİŞ Qulu və Yusif. Q u l u (içəri daxil olur). Ağa, Pərzad qarı sizi görmək istəyir. Y u s i f (qələmi yerə atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrə gedir, Qulu çıxmaq istəyir, birdən Yusif dalınca gedib.) Y u s i f. Pərzad qarı arada gəzəndi, bu, yəqin sözsüz olmayacaqdır. Qoy çağırım, görüm nə deyir. A gədə, Qulu! Çağır gəlsin. (Özü oturub yenə kağız yazmaq istəyir. Pərzad daxil olur.) DOQQUZUNCU GƏLİŞ Yusif və Pərzad. P ə r z a d. Salaməleyküm, Yusif bəy! Y u s i f (Pərzada diqqətlə baxır). Əleyküməssalam! Pərzad nənə, əyləş görək. P ə r z a d (əyləşir). Dəxi nə əyləşim, iş qurtarıb gedibdir. Y u s i f (təəccüblə). Nə var? Nə olub? P ə r z a d. Dəxi nə olacaq? Veriblər gedib.... Y u s i f. Kimi? P ə r z a d. Xədicəni.... Y u s i f (tərəfə). Guya ki, mən bilmirəm. (Başını bulayır). Genə qoy soruşum görüm.... (Pərzad tərəfə.) Pərzad nənə! Bu nə xəbərdi sən mənə verirsən? P ə r z a d. Atamın ərvahına and olsun, oğlumun canıçün, belə gəlinim ölsün ki, veriblər gedibdir. Y u s i f. Axı kimə veriblər? P ə r z a d. Nə bilim, bir bığıyoğuna.... Deyirlər belə, Şirvanda əvvəlimci adamdır. Y u s i f. Necə yəni əvvəlimci? P ə r z a d. Nə bilim, deyirlər Şirvanın yarısı onundur, o qədər qoyunu, malı, mülkü, maşı vardır ki, itinə də tök.... Deyirlər belə böyüklər yanında da sözü ötkün, qılıncı kəskindir.... Hamı deyir ki, Xədicə qızıl mədəninə düşübdür.... Hanı bir belə qapı, mənim qızıma da açılaydı!.... Y u s i f (tərəfə, fikirli). Dövlətli!.... Demə genə gop vurubdur.... (Pərzada tərəf.) Əgər dövlətə görədir, Xədicə dövlətə aldanıb getməz. P ə r z a d. Yusif bəy! Qadan ürəyimə, belə şeyi demə. Arvadın kökü kəsilsin, arvad pulsuz kişini sevməz.... Sən, doğrudur, oxuyubsan, amma vallah, arvad tayfasını tanımırsan. Mən yaxşı tanıyıram, mənim oğlumu dərdəcər eləyən arvad deyilmi? A bu gəlinlərin boynuna ip ölçüm, a bunlar qırılsınlar! Y u s i f (tərəfə). Yazıq, elə gəlinindən dəm vurur. (Pərzada). A Pərzad nənə! Gəlinin görünür səni çox incidir? P ə r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elə ki, oğlumun beş-altı şahı pulu var, başına dolanır. Elə ki, yoxdur, biçarənin balasının yediyi çörəyi burnundan gətirir.... Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş-işdən keçibdir.... Y u s i f. Axı, nə çarə qılım? Hərgah qızı mənə vermirlər, mən küclə almayacağam ki? (Tərəfə.) Dilim deyir, ürəyim yox. P ə r z a d. Necə ki, nə çarə?.... Puluna qızırqalanma, belə dua yazdır, kitaba baxdır. Y u s i f (tərəfə). Qəribə avam-avam danışır. (Pərzada.) Sonra nə olsun? P ə r z a d. Heç, nə olacaq? Cadıynan oğlanın da ürəyin bağlat, qızın da. Y u s i f. Pərzad nənə! Bunlar hamısı boş işdir. (Durub gəzinir, tərəfə.) Çıxıb getməz evi yıxılmışın qızı. İndi də cadubazlıq ilə məşğul olacayıq. (Fikrə gedir. Qulu içəri daxil olur.) ONUNCU GƏLİŞ Yusif, Pərzad, Qulu. P ə r z a d. Əbəs yerə fikrə-zada getmə. Bu iş çox az pula başa gələr. Q u l u. Ağa Niyaz bəy sizi görmək istəyir. Y u s i f (təəccüblə). Niyaz bəy? Q u l u. Bəli. Y u s i f (tərəfə). Pərvərdigara! Görəsən nə ittifaq üz veribdir. (Mizin üstünü təmiz edir. Quluya tərəf.) Ay gədə, oraları yığışdır, de, buyursun. (Qulu dişqarı çıxır.) P ə r z a d (durur). Mən də gedim, salamat qal. Amma dediyimi elə, cavansan, yazıqsan. (Gedir). Y u s i f (kitabları duzəldir). Sağ ol! (Niyaz bəy daxil olur.) ON BİRİNCİ GƏLİŞ Niyaz bəy və Yusif. N i y a z b ə y. Səlaməleyküm, Yusif bəy! Y u s i f. Xoş gəlibsiniz, əyləşin. (İkisi də əyləşirlər.) N i y a z bəy. Yusif bəy! (Yusif xəcalətdən jepə baxır.) Mən çox təəccüb edirəm ki, bu vaxtadək siz öz dost-düşməninizi tanımırsınız.... Mənim burada sizinlə açıq danışmağım əbəsdir.... Ümidvaram ki, mən dediyimi başa düşərsiniz. Y u s i f (başı aşağı). Bəli.... N i y a z b ə y. Amma, bağışlayınız, mən sizə nəsihət edirəm. Y u s i f. Niyaz bəy! Mən sizi başdan özümə böyük bilmişəm. Ona görə nə buyursanız, mən sizin qulluğunuzdan çıxmaram.... N i y a z b ə y. Çox sağ ol, əzizim! Bu iş sizin üçün gərəkdir dərs olsun. Adam hər bivəfa adama çörək verib özünə rəfiq etməz. Yaxşı ki, mən işi bir az uzadıb qızın ata və anasını inandırmışam ki, Şamdan əsla layiq deyil ki, ona qız veriblər. Y u s i f (başını qaldırıb). Necə ki?! N i y a z b ə y. Şirvandan onu tanıyan adam gəlib və mən hətta kağız almışam. Görünür, çox nanəcib və bədəsil adamın biriymiş.... Bunu yəqin edəndən sonra fikirlərini dəyişib yenə əvvəlki fikirdə oldular.... Y u s i f (gedib Niyaz bəyin əlindən öpür və Niyaz bəy ona xeyir-dua verir). Niyaz bəy, əvvəldən axıradək mənə ata yerində olubsunuz və təvəqqe edirəm ki, məni bağışlayasınız. Çünki mənim bu işimdə çox zəhmət çəkibsiniz. N i y a z b ə y (ayağa durur, əlini Yusifin çiyninə qoyub). Xudavəndi-aləmdən istəyirəm ki, hər ikiniz ömrünüzü xoşbəxtliklə keçirəsiniz! Və yaman adamın dostluğundan allah sizi saxlasın! Dəxi mənim bir sözüm yoxdur, ancaq təvəqqe edirəm ki, hazırlaşıb bir həftəyədək toy edəsiniz.... Y u s i f (baş əyib). Çox məmnunəm. N i y a z b ə y. Dəxi mən gedim. (Əl verir.) Salamat qal! (Çıxır.) Y u s i f (qapıyadək dalınca gedir). Xoş gəldiniz. (Gələ-gələ). Niyaz bəyin mənim boynumda çox haqqı vardır. Of ... allah! Nə xoş xəbərdi, mən eşitdim!.... Neçə gün idi gözümün yaşı tökülməkdən qurumuşdu.... Başım fikirdən az qalırdı çatlasın. Neçə dəfə istəmişəm özümü həlak edəm.... Çox şükür, çox şükür ki, xoşbəxtlik yenə mənim üzümə güldü!....Zalım oğlu özünü qəribə pis qələmə verdi! (Fikir edir.) Cəzasıdır, qoy çəksin! Ümidvaram ki, bundan da pis günə düşə.... (Fikrə gedir.) (Murad tez içəri daxil olur) ON İKİNCİ GƏLİŞ Murad və Yusif. M u r a d. Yusif! Muştuluğumu ver, iş düzəlibdir. Y u s i f (gülə-gülə). Sən ver, mən səndən tez bilmişəm. M u r a d. Sən mənim canım!? Y u s i f. Sənin canın üçün. M u r a d. Hardan bildin? Y u s i f. İndicə qızın dayısı gəlmişdi, o dedi. M u r a d. Niyaz bəy? Y u s i f. Bəli. M u r a d. Səndə xəbər varmış. De görüm, nə söhbət etdi? Y u s i f. Söhbət çox oldu, sonra danışarıq.... Xülasə, nə istəyirsən, iş qurtarıbdır. Bir həftədən sonra toydu. M u r a d (əlini-əlinə vurur). Ay can! Amma o zalım oğlunun acığına gərək bir iş edək ki, utandığından ölə. (Bu vaxt Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul və Sultan daxil olurlar.) ON ÜÇÜNCÜ GƏLİŞ Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul, Sultan, Murad və Yusif. R z a b ə y. Sizə demədim, Murad indi orada olacaq? H a m ı s ı. Salaməleyküm. (Yusifə və Murada əl verirlər.) H e y d ə r bəy. Yəqin muştuluq almağa gəlibdir. (Hamı gülür). M u r a d. Elə ondan ötəri gəlmişdim, amma Yusif qabaqladı. H a m ı s ı (Yusifə tərəf). Necə ki? Y u s i f (gülə-gülə). Niyaz bəy buraya gəlmişdi, o dedi. H a m ı s ı. Çox yaxşı! Y u s i f. Əyləşiniz. (Hərə bir stul ustə oturur.) R z a b ə y. Bəli, indi toya hazırlaşmalıdır. H a m ı s ı. Əlbəttə, əlbəttə. H e y d ə r b ə y. Keçən gecə İsrafil bəylə qəstində əyləşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qəstin yiyəsi ilə dava edir. Söhbətlərindən belə məlum oldu ki, neçə gündür qəstində yeyib-içib, indi pul istəyirlər, deyir yoxdur. Qəstin sahibi də şələsini dalına verib qovaladı. H a m ı s ı. Ay nə olubdur! N ə c ə f b ə y. Hələ bundan da pis gün görəcəkdir. H a m ı s ı. Qoy görsün, əməlinin meyvəsidir. R ə s u l. Dünən də bizə gəlibmiş. Evdə olmamışam. H a m ı s ı. Hə ... Hə ... Genə yavuqlaşmaq istəyir.... Görükür, başına dəyibdir.... R z a b ə y. Hələ onun pis günü daldadır, qoy bir toyu eləyək. Doğrudan, Yusif, toy nə vaxtdır? Y u s i f. İnşaallah, bir həftəyədək! H a m ı s ı. İnşaallah! R z a b ə y (Murada). Sən allah, Murad, toy üçün bir şer yaz oxuyaq. H e y d ə r b ə y. Həqiqət, Nəcəf bəyin toyunda ki, yazmışdın, bir eləsini yaz görək. M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilə oxumaq olar. R ə s u l. Yanındasa, görək necə şeydir. H a m ı s ı. Doğrudan, bir bax görək. M u r a d (əlini qoynuna salıb çıxarır.) Budur, tapdım. (Hamı gedib onun yanına kağıza baxır). R z a b ə y. Bir oxu görək, necə şeydir? M u r a d. Hamısını hələ qurtarmamışam. H e y d ə r b ə y. Zərəri yoxdur, oxu görək necə şeydir. (Murad oxuyur.) H a m ı s ı. Bərəkallah! İndi qoyun hava ilə oxuyaq. (Myrad qabaqda oturub, onlar dalda, oxuyurlar). Gecə aydın, yuxum gəlməz yatmağa, Gül üzündən yarım qoymaz dadmağa, hay dadmağa, Bülbül düşüb ayrı güldən, çöllərə, Necə deyim dərdimi mən ellərə, hay ellərə. İnsan gərək ağa olsun dilinə, Gətirməsin heç vaxt pis söz dilinə, hay dilinə. Yaxşı olmaz yoldaşlıqda xəyanət, Tutar çörək gözlərini həməvaxt, hay həməvaxt. PƏRDƏ * * * Dördüncü məclis Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kənarında kürsülər. Bağçada qaranlıqdır. Şamdan bəy dəli halətində, tək bağçada gəzinir, köhnə paltarda, başı açıq, qorxa-qorxa danışır. Ş a m d a n (ətrafa baxa-baxa). Yaxşı vaxt tapıb gəlmişəm ... heç kəs məni burada görməz.... Yusif Xədicə ilə hər axşam burada çay içirlər. Bu ağacın dalında gizlənib gələndə ikisini də burada gərək bu (xəncər əlində) xəncər ilə öldürüm.... Qoymaram Yusif mənim çörəyimi əlimdən alsın.... (Birdən diksinir.) Vay! (Ətrafa baxır.) Gərək ki, gələn var.... (Bir az fikirdən sonra.) Yox, heç kəs yoxdur. (Gedib bağçadan Yusif olan evə baxır.) Ax, namərd! Əlimdən dövləti yaxşı aldın, dədəmə od vurdun.... Bax, Xədicə çıxdı... Sənin boyuna qurban!... Dərdindən gör mən nə hala düşmüşəm... Yox, Xədicə deyilmiş. (Gəzinir. Bir az fikirdən sonra.) Pərvərdigara! (Ətrafa baxır.) Mən nə səbəbə buraya gəlmişəm?.... (Fikrə gedir.) Hə ... Hə.... (Bərkdən.) Gərək öldürəm.... Onları öldürəndən sonra özümü də öldürrəm.... Çünki bundan da pis gün görmək istəmirəm.... Bundan sonra qalıb nə edəcəyəm?.... Yemək yox, içmək yox, dost yox, aşna yox.... Hamı məndən qaçır.... Səbəbi? (Fikir. Bərkdən diksinir.) Vay, gəldilər.... (Qaçıb gizlənir. Ətrafa baxır.) Yox, gələn yoxdur.... (Üstünə baxır və əli ilə ətrafı yoxlayır.) A kişi, insafdır ki, belə xoşbəxtliyi əlindən verəsən?.... Gələsən bu bağçaya od vuram? Onda hamı tökülüb gələcək.... Qarışığa salıb hamısını öldürərəm. Uf, nə bədbəxt oldum.... (Tez-tez diksinib dəli məqamına gəlir.) Hə.... Gəlir!.... (Ağacın dalında gizlənir.) Qoy gəlsin.... Oturanda.... Mən dalından başını kəsib ataram. (Yavaş danışır, guya gözünə Yusif görünür.) A.... Yaxşı əlimə düşübsən. (Guya Yusif gəlib oturur. Şamdan yavaşdan xəncəri qaldırıb vurur.) A.... İndi qal yerində.... (Gəlib baxır, guya ölübdür.) Mən indi nə edim?.... Ha?.... (Özünü itirir.) Yox.... (Bərkdən qışqırır, özünü tamam itirir.) Mən ... mən.... (Xəncəri öz qarnına vurub ağacın dibində yıxılır.) Uf!.... Uf!.... (Ölür.) ƏVVƏLİNCİ GƏLİŞ Qulu əlində çıraq bağçaya gəlib mizin üstünü çay içməkdən ötəri hazır edir və qeyriləri bağçada elə gərək gəzsinlər ki, guya Şamdanı görmürlər. Q u l u (tək, danışa-danışa mizin üstünü hazır edir). Xədicə xanım görükür, Yusif bəyi çox istəyir. Lap onu uşaq kimi bəsləyir. Yaxşıca yatmışdım, gəlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elə, indi Yusif ağa gələcəkdir, çay içsin. Deyirəm, ay xanım! Axı niyə evdə içmir? Deyir ona bağçada xoş gəlir. Nə bilim, vallah, evdə Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstə gəzin ki, onu durquzmayasınız. Səhər də duranda evdə nə ki qulluqçular var, gərək onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedə. Arvad da deyəndə belə olar. Mən yanı deyirdim ki, mənim də arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı səhər durub məni öpməkdənsə iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gətirir.) Gözümdə qaldı, bir gün oturub saqqalıma həna yaxa. Görüm gorbagor olsun, necə ki, oldu! O gün Yusif ağa deyir ki, "sənə arvad alacağam". Deyirəm ki, allahı sevirsən, ağa, bu fikrə düşmə. Ondan ötəri ki, əvvəl genə canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdərim qarnıma gedər. Qocası olsa, genə yaxşıdı, hər deyəndə döymək olar. Amma Nazlı kimi olsa, ərinin saqqalını yolan kimi mənimkini də yolar.Yox, istəmirəm.... Arvadsız da yola gedərəm.... (Birdən əlindən stəkan düşüb sınır.) Vay! Gör sən allah, mən arvadı neyləyirəm: əlim titrəyir, başım titrəyir, bir ayağım burda, birisi gorda.... Bunları yığışdırım. (Stəkanın qırıqlarını yığır. Nazlı əlində şəkərdan, bir də çaynik içəri daxil olur və Qulunu belə görüb acıqlı deyir). İKİNCİ GƏLİŞ Qulu və Nazlı. N a z l ı. Ay əli qurumuş, bunu nə üçün sındırdın? Q u l u (acıqlı baxır). Əlin də qurusun, dilin də. Mən ki, sındırmadım, özü düşdü.... N a z l ı. Yalansa üzünü mürdəşir yusun! Q u l u. Mürdəşir sənin əzizdərini yusun! N a z l ı (gəlib əlindən dəsmalı alır və stəkanları başlayır silməyə, Qulunu itələyir). Get, rədd ol. Ver mənə, sən get çörək gətir. Gör çörəyi də salıb dağıda bilərsənmi? (Qulu acıqlı baxa-baxa gedir.) Q u l u. Kökün kəsilsin. (Gedir.) N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş də deyəndə adamı yarıtmaz. İndi mən Xədicə xanıma nə cavab verəcəm? (Çaynikə su açır.) Ah.... Bu da bir iş imiş! Bu gecə vaxtında bağda oturub çay içmək nədir? Qaranlıqda göz-gözü görmür.... (Qulu tələsmiş əlində çörək gəlir.) ÜÜÇÜNCÜ GƏLİŞ Qulu və Nazlı. Q u l u. Tez ol, ağa da, xanım da bu saat gəlirlər. (Nazlı tələsib nəlbəkinin birini salıb sındırır.) N a z l ı. Bay, evin yıxılsın! İmansız o qədər tələsdirir ki, nəlbəkini də sındırdım. Q u l u. Canın çıxsın, bərk tut. N a z l ı. A səni görüm yarımayasan. Sən olmasaydın mən də sındırmazdım, elə tələsdirirsən ki, adam bilmir nə eləsin. Q u l u. Çox danışma, tez ol yığ, görməsinlər. (Tərəfə baxır.) Odu, gəlirlər. (Nazlı tez hər şeyi hazır edir. Xədicə içəri daxil olur, çəkilib kənarda dypup.) X ə d i c ə. Aj Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gəlsin. (Oturur). N a z l ı. Xanım, gədən salıb istəkanı da, nəlbəkini də sındırdı. X ə d i c ə. Nə edək, görünür yazıq qocalıb, gözləri görmür. (Xədicə Yusif üçün çay tökür. Nazlı gedir və o saat Yusif daxil olur.) DÖRDÜNCÜ GƏLİŞ Xədicə və Yusif. Y u s i f (gəlib əyləşir). Bu gün qəzetdə oxuyub görürəm ki, bir şəhərdə məhəbbətdən bir ayın ərzində iyirmi adam ölübdür. X ə d i c ə. Övrət, ya kişi? Y u s i f. 15 kişi, 5 övrət. (Çay içir.) X ə d i c ə (özünə çay tökür). Həqiqət, məhəbbət edən şeyi heç bir şey edə bilməz. Y u s i f. Bunların ölməklərinə səbəb səbirsizlikdir. X ə d i c ə. Yusif demə heç, vallah, insan bir halətdə olur ki, heç tab gətirməyə səbir qalmır. Y u s i f. Doğrudur. Amma səni inandırıram ki, hərgah bizdə səbir olmasaydı, biz də bədbəxt olmuşduq. X ə d i c ə (gəlib Yusifin yanında əyləşir və əlini əlinə alır). Sənin canın üçün elə ki, iş aşkar oldu və bildim ki, biinsaf oğluna söz veriblər, neçə dəfə istəmişəm özümü həlak edim. Yenə demişəm qoy görək axırı necə olacaqdır. Y u s i f. Mən də elə fikirlər ilə özümü saxladım. X ə d i c ə. Hərçənd bu yolda çox göz yaşı tökmüşəm, amma yenə allah-taala hamını belə arzusuna yetirsin, necə ki, bizi. Y u s i f. Xədicə! Məhəbbət, həqiqət, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir. X ə d i c ə. Ağıllını da dəli!.... Y u s i f. Bəli, o intiha dərəcəsidir. (Çay içir. Qulu gəlir.) BEŞİNCİ GƏLİŞ Qulu, Xədicə Yusif. Q u l u. Ağa, vallah bu Nazlı mənə göz verir, işıq vermir. Gəlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi.... Y u s i f. Nə istəyir? X ə d i c ə (gülə-gülə). Görünür, stəkan-nəlbəkini sındırmağın üstə. Y u s i f. Qulu sındırıbdır? Q u l u. Xeyr, canım! Stəkanı mən sındırmışam, nəlbəkini o özü. X ə d i c ə. Ha ... Ha.... (Gülür.) Hamısını sənin üstünə atıbdır. Q u l u. Di gör, cən allah! (Nazlı içəri daxil olur.) ALTINCI GƏLİŞ Nazlı və qeyriləri. N a z l ı. Xanım! Niyaz bəy gəlib deyir ki, əgər çay varsa, gəlim içim. X ə d i c ə. Var, de gəlsin. Y u s i f. Ay qız, bu Qulunu nə üçün incidirsən? N a z l ı. Mən neyləmişəm? X ə d i c ə. İndi gəlib sənin əlindən şikayət edirdi. Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi də başım ağrıyır. Y u s i f ,X ə d i c ə. (gülürlər). Ha!.... Ha!.... N a z l ı (Quluya). Yavaş, gözünün ikisini də çıxardacağam.... Y u s i f. Yaxşı, bəsdir. (Nazlıya.) Get Niyaz bəyə de gəlsin. (Nazlı gedir). X ə d i c ə (Quluya). Ay Qulu, sən onun sözünə baxma, o cavandır, sən qoca, ona niyə qoşulursan? Q u l u. Vallah, ay xanım! Mənim onnan işim yoxdu, özü də həmişə mənə sataşır. Yatıram, gəlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşləyirəm, deyir sən bacarmırsan. İşləmirəm, deyir tənbəlsən. Axı, mən başıma nə daş salım.... Dünən də gedib Nigar xanıma şikayət eləyir ki, mən plovun qazmağını altından çıxardıb yemişəm. O da bu sözə inanmayıb ağzına gələni ona deyibdir. Y u s i f. Yaxşı, bəsdir, get. Q u l u (gedə-gedə). Nazlının işini yaxşı xarab elədim!.... YEDDİNCİ GƏLİŞ Niyaz bəy və qeyriləri. Yusif və Xədicə yerlərindən dururlar. N i y a z b ə y (Yusifə). Qəribə ləzzət aparırsınız! Y u s i f. Necə ki? (Xədicə çay tökür.) N i y a z b ə y. Dəxi necə olacaq? Belə gecədə, bu bağçanın içində oturub çay-içmək nəyə desən dəyər. X ə d i c ə. Elə də pis öyrənibdir, ay dayı, evdə iki stəkan içəndə burada dördünü içir. (Niyaz bəyə çay verir.) Y u s i f. Həqiqət, elədir. N i y a z b ə y. Elə də gərək olsun. (Fikir.) Təzə xəbər eşidibsinizmi? X ə d i c ə,Y u s i f. Yox nə var? N i y a z b ə y. Şamdan dəli olubdur.... (Xədicə danışmayıb təəccüblə Niyaz bəyə baxır.) Y u s i f. Jox, ha? N i j a z b ə j. Sizin canınız üçün. Y u s i f (fikrə gedir). Kim dedi? N i j a z b ə y (çay içə-içə). Mən özüm gördüm. X ə d i c ə. Harda? N i j a z b ə j. Dünən bazardan keçirdim. Bir də gördüm ki, biri meydanın ortasında durubdur və xalq də başına yığılıb. Yavuq gedib görürəm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqətlə baxıb görürəm ki, hənuz özü.... Yazığım gəldi. Amma qoy hələ bu gündə olsun ki, qəbahətini anlasın. Y u s i f. Yəqinimdir ki, indi başa düşübdür və çox da peşmandır. Elə ki, mən onu tanımışam heç kəs tanımaz. İnandırıram sizi ki, hərgah bir də fənd bağlaya, çox işlər körər. N i j a z b ə j. Jox.... Dəxi ölən yeridir ki, ölübdür. A kişi, bilmirsən bu zalım oğlu dünyanı bir-birinə necə vurdu. (Nazlı gəlir.) SƏKKİZİNCİ GƏLİŞ Nazlı və qeyriləri. N a z l ı. Xədicə xanım, səni Hacı ağa çağırır. (Xədicə gedir). N i y a z b ə j. A kişi, mənim və Hacı İbrahimin yanında bir cürə söhbət edibdir ki, lap quruyub qalmışam. Y u s i f. Haçan? N i j a z b ə y. Pəh.... Görükür xəbəriniz yoxdur. Qıza hələ elçi göndərməmişdən əvvəl Hacı eşitmişdi ki, qızı istəyir. Bunu bir gün qonaq çağırıb istəyir ki, iidi bundan söz alsın. Mənim yanımda özünü bir dərəcəyə çıxartdı ki, özüm də mat qaldım. Y u s i f. Yaxşı, nə deyirdi ki? N i y a z b ə j. Dəxi iə deyəcək. Deyirdi ki, belə basdım, belə kəsdim. Nə bilim, qubernator mənim xatirimi belə istəyir, filan knyaz məni belə qonaq elədi, filan xan mənimlə belə rəftar elədi. Sizin canınız üçün, mən onun yerinə qızarmışam. Y u s i f. Hacı da, görükür, inanıbdır. N i y a z b ə y. Bəs nədir. Elə gedəndən sonra mənə deyir ki, gördün necə hünərli oğlandır. Buna qızımı verməyib kimə verəcəyəm. Sonra da bu iş aşkar olandan sonra özü məni çağırıb deyir ki, mən böyük səhv etmişəm. A kişi, təəccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır. H a m ı (gülürlər). Ha! Ha! Ha! (Hacı İbrahim, Nigar və Xədicə daxil olurlar.) DOQQUZUNCU GƏLİŞ Yusif, Niyaz bəy, Hacı İbrahim, Nigar və Xədicə. H a c ı İ b r a h i m. Yenə nə var, gülürsünüz? (Yusif və Niyaz bəy ayağa dururlar.) N i y a z b ə y. Heç.... H a c ı İ b r a h i m. Doğrudan nə var? (Hərəsi bir kürsü üstə əyləşir.) N i y a z b ə y. Zalım oğlunun sözünü danışırıq. N i g a r. Şamdanınmı? Y u s i f. Bəli. N i g a r. A bala, Xədicə, ağana çay tök. Evdə içmədi ki, gedərəm bağçada içərəm. H a c ı İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bəlasını allah ona veribdir. Mən bircə Yusif bəyə təəccüb edirdim ki, ona necə aldanıb, halbuki neçə vaxt da onunla dostluq edibdir. N i y a z b ə y. Söz odur, hünər elə gərək. Y u s i f b ə y. Xeyr, xeyr.... Bir hünər istəməz ki, bu aşkar şeydir. Mən on il bundan müqəddəm onunla bir yerdə oxumuşam. Və oxuyan vaxtda mənim həqiqət, bununla yeyib-içməyim bir yerdə olubdur və bir elə ittifaq da düşmüyübdür ki, mən onu əməlli tanıyam. Zira ki, oxuyan zaman da zindəganlığımız uşaq zindəganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildən sonra gəlib. Dəxi mən nə bilim ki, bu nə tövr adamdır. H a c ı İ b r a h i m. Bəli, adam tanımaq çox çətindir. N i g a r. Sənin özün də ona lap aşiq olmuşdun. N i y a z b ə y. Mən ki, onu elə gördüm, çox adamın evini yıxardı. X ə d i c ə (əlində stəkan istəyir Şamdan tərəfə su töksün. Birdən onu uzanmış görüb bərkdən çığırır və stəkanı əlindən buraxıb). Vay! (Bu vaxt qeyriləri gəlib Xədicə duran yerə, ölünü görüb hamısı heyran qalırlar və Yusif baxıb deyir.) Y u s i f. Axırda bu günə düşməyin təbiidir.... Yaman dil başabəladır! Xain və yalançı bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz xilas olmaq həmişə mümkündür.... PƏRDƏ * * * == Felyetonlar == Şeytan bazarda Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz? Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır! Bir gün bir kəndçi şəhərə odun satmağa gəlib Şeytan bazarından keçirdi. Ağlına nə gəlibsə papağını tərsinə geyinmişdi. Bazar lotularından bunu görən oldu. Hay-huydan sonra qarpız qabıqları töküldü. Hamı da papağının başını nişana qoyurdu. Nə isə bu biçarə gah başını aşağı əyirdi, gah otururdu, gah qalxırdı, hər növlə özünü müdafiə etmək istəyirdi. Fəqət hərdənbir də gülürdü, bilirdi ki, bununla zarafat edirlər. Bazar adamı da gülürdü. Bu hay-huyda Dərdməndin başına bir ağac endi. Papağı olmağına görə başı yaralanmadısa da, gözləri bir neçə dəqiqə qaralıb az qaldı yıxılsın. Yanında olan adamlar bunu tutub oturtdular. Ayılandan sonra Dərdmənd qabağında bir zorba kişini hirslənmiş gördü. Sinni keçmiş, ucaboy, saqqalı qırxıq, başında böyük silindr bir kişi idi. Bunun Ortaçala deyilən yerdə fabrikası var idi, həmişə öz faytonu ilə gedib gəlirdi. Bu gün də fabrikadan qayıdarkən şullay papaq kəndçiyə göndərilən qarpız qabıqlarının biri də ittifaqən bunun şəfəqli silindrinə dəyir. Qabıq gələn tərəfə dərhal baxar, görər ki, Dərdmənd buna baxıb gülür. Fikir edir ki, yəqin qabığı atan bu imiş, tələsik hirslənmiş faytondan düşüb Dərdməndin təpəsindən bir ağac çırpar. Dərdmənd özünə gələndən sonra qorodovoy çağırır. Xalq kəndçini buraxıb bunun səsinə yığılırlar. Silindrli qorodovoya vurmağının səbəbini söyləyir. Ancaq Dərdməndin yanında olanlar şəhadətlik verirlər ki, Dərdmənd həqiqət müqəssir deyil. Doğrudur, qeyri qabıq atırdı, fəqət Dərdmənd durub tamaşa edirdi və gülürdü. Doğrudan da Dərdmənd nəinki bu səfər, hətta qeyri vaxta da böylə şeylər ömründə etməzdi. Nə isə şahidlər bazarın mötəbər adamları olmağa görə qorodovoy da inandı. Silindrli ağadan adresini alıb Dərdməndə verdi ki, şikayət etsin. Silindrli ağa kartoçkasını çıxarıb qorodovoya verdi və sonra genə hirsli və artıq dərəcədə təkəbbür ilə faytonuna minib getdi.... Dərdmənd sabahı gün işə başlamaq üçün məhəllə vəkilinə bu əhvalatı söylədi. Vəkil dedi, bu işin qalası var. Bir ərizə də yazıb verdi. Ertəsi gün Dərdmənd ərizəni lazım olan yerə verdi və gözləyirdi işin aqibətini. Silindrli ağa bu işdən xəbər tutub öz vəklinə müraciət etdi. Vəkili "bu yaxşı deyil" deyib cavab verdi.... Bir gün Dərdmənd dükanında oturarkən bir adam girdi və bunu soruşdu. Dərdmənd, mənəm deyib cavab verdi. Bu adam ortaboy, arıq, hiyləgöz, saqqalı qırxıq, yəni taclanmış, şübhəli bir səsdə cavan oğlan idi. Bu adam Dərdmənddən təvəqqe etdi ki, yarım saat vaxtını alsın. Dərdmənd dükanının dalındakı balaca otağa gedib bu adamı dəvət etdi. İş böylə məlum oldu ki, bu adam vəkil imiş, silindrli ağanın yanından gəlibmiş. Cənab vəkil şirin dililə başlayıb dedi: cənab Dərdmənd, mən filankəsin tərəfindən gəlmişəm. Doğrusu, böyük bir xatadır edibdir, fəqət siz gərək razı olmayasınız, öylə bir mütəşəxxis zəngin adam suda düşsün. Nə etmək, cənab vəkil? deyib Dərdmənd vəkilin gözlərinə baxıb söz gəzən kimi bir az müqəddimədən sonra başladı: mən məsləhət görürəm barışasınız, insan səhvdən kənar deyil. Hamının başına gələn işdir. Onun qazamata düşməyi ilə sizin yaranız sağalmayacaqdır. Fəqət onun üçün iki yüz-üç yüz manat vermək heç bir şey deyil. Siz də fəqir adamsınız.... "Bu sözləri vəkil deyib fikrə getdi". Dərdmənd dedi: xeyr, cənab vəkil, bu işi böylə buraxmaq olmaz. Mənim təqsirim olmaya-olmaya başıma nə üçün ağac dəysin? "Cənab Dərdmənd, siz yaxşı fikir ediniz, ayağınıza gələn bəxtə daş atmayınız. Mən bir-iki gündən sonra gələcəyəm. Axır cavab verərsiniz". Bu sözləri deyib vəkil qızarmış çıxdı. Dərdməndi fikir aldı. Bu əhvalatı dost-tanışlarına söylədi. Hamı bir ağızdan Dərdməndə dedi: a kişi, işin-gücün qurtarıbdırmı ki, suda getmək istəyirsən. Ağac dəyməyinə dəyibdir, indi onu qalaya tutdurma, lap Sibirə göndərt, sənin əlinə nə gələcəkdir. 30-40 manat da puldur, asan deyil. Get, pulunu al, qoy başının altına ye ki, yeyəsən. Dərdmənd böylə sözlərdən sonra özü də fikrini dəyişdi.... * * * Tənqid "HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV (İdarənin təklifinə görə bu kitab tənqid olunur) Vəzifəmiz ağır da olmuş olsa, genə milləti-insaniyyət naminə bu ağır vəzifəni qəbul edib işə girişirik. Bəradərimiz, yoldaşımız doktor Kərimbəy Sultanov da ancaq millət və insaniyyət naminə sözlərimizə diqqət edər. Düz iyirmi il bundan müqəddəm mən "Nadanlığ"ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, Firidunbəy Köçərli "Nadanlığ"ı rus dilində tənqid etdi: yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi: "Nadanlığ"ı yazan daha gərək əlinə qələm götürməsin. Fəqət onun çubuqlamağı "Nadir şah"ın meydana gəlməsinə səbəb oldu.... Doktor Sultanovun 166 səhifədən ibarət olan kitabı tibbin ən əhəmiyyətli bir qismindən--elmi-səhhətdən bəhs edir. Bu qisim doğrudan da tibbin idealı hesab olunur. Yəni, hal-hazırda insanın əqli bir nöqtəni özü üçün müqəddəs bir məslək hesab edib ciddi surətdə haman nöqtəyə yeriş edir. Nədir o nöqtə? Yəni, bir dərəcəyə çatmaq ki, insanın bədənini cürbəcür mərəzlərdən nəinki dərman vasitəsilə sağaltmaq və hətta mərəzin qabağını almaq, ya mərəzi bilmərrə puç etmək, ya onu zəifləşdirmək və yainki insanın bədənini bir növ bələmək ki, mərəz ona daxil olsa da, haman bədən mərəzdən zərər görməsin. Elmi-səhhətin indiki halı və yerişi gələcəkdə doğrudan da müqəddəs, ali bir məqsədə çatmağa böyük ümidlər vəd edir və hətta keçən il "İqbal" da bəhs etdiyim professor Baxmetyevin teoriya təsəvvürü bu məsələdə geniş və hala əqli çaşdıran yollar açır.... Böylə böyük bir məsələni meydana qoymaq üçün böyük hazırlıq lazımdır. Gah vaxt bilmək bildirməkdən çətindir. Xüsusən elmi məsələləri. İnsan əvvəla bilsin ki, özü yaxşı düşünsün, fəqət bir qeyrisini düşündürə bilməsin. Bir müəllimin öz elmini yaxşı bilməsi onun yaxşı müəllim olmağına hələ dəlalət etməyir. Uşaqlar çətin dərslərini asan və tez öyrənər isə, müəllim doğrudan da yaxşı müəllim olmağını göstərər. Kitab və ya məqalə yazan əvvəl gərəkdir oxucularını gözünün qabağına gətirib də öz-özündən soruşa: kimdən ötrü yazıram? Oxucular da mətləbi düşünməyə hazırdırlarmı? Bizimcə, cənab Sultanov kitabını yazanda bu sualları görünür ki, unudubdur. Cənab Sultanov öz müqəddiməsində deyir: "Bir neçə on il bundan əqdəm həkimlik sənət hesab olunurdu və o zamanın həkimlərini sənətkarlar deyə adlandırırdılar" və sonrakı sözlərindən də məlum olur ki, tibb elmi dərəcəsinə ancaq bu "bir neçə on ildə" çatıbdır. Yəni çox vaxt deyil ki, biz doğrudan da sənətkardan həkim olmuşuq. Biz özümüz bu yavuqdan bəri həkim olduğumuz halda və aramızda minlərcə müxtəlif məsələlər hələ həll olunmamış bir zamanda, xüsusən elmi-səhhət kimi müxtəlif məsələlərlə dolmuş bir şöbədən bəhs etmək və haman bəhsi hala təzə yazı-pozu başlamış camaata yazmaq, əlbəttə, olar. Fəqət səmərəsi? Haman müqəddiməsində insanın bədəni nədən ibarət olmağını yazıb da deyir: "Biz tapmışıq kletkanı ki, bədənimiz bütün ayrı-ayrı kletkalardan ibarətdir". Hətta böylə bir kotul dil ilə yazılmış, vəsf olunmuş kletka nədən ibarət olmağını 5 il kletka üstə çalışan həkimlər, əlbəttə, düşünəcəklər, fəqət oxucuların bu məsələdə də hazır olmaqlarını da nəzərə almaq lazımdır. Habelə cənab Sultanov uzun-uzadı "ümumi azarlar" barəsində bəhs edib öylə bir şeyləri meydana gətirir ki, həkim olmayan üçün gərəksiz məlumatdır, desək də yarar. Məsələn, oxucunun nəyinə lazımdır bilsin: "Deaqnustifə" nədir? "Anamniz" nədir? "Simpetyum" nədir? Və ya xalqın nəyinə lazımdır bilsin həkimlər nə fənd ilə mərəzi tapırlar? Böylə şeyləri yazıb cənab Sultanov gərəksiz misallar ilə, guya istəyir bu camaatı inandırsın ki, həkimlər şarlatan deyildirlər. Əlbəttə, bu barədə cənab Sultanov həkimlər tərəfindən təşəkkürlərə layiqdir. Fəqət bir az da gərək oxucuların səbrini nəzərə almaq! Oxucu üçün lazım böylə bir məlumatlardan sonra cənab Sultanov bakteriya barəsində uzun məlumat verir. Burada demək istərdik ki, ədəbiyyatımızda ən məşhur söz mikrobdur. Bu barədə türk və tatar dilində kitabçalarımız da vardır. Bu barədə çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi cəhətdən bakteriya, basil və ya mikrob bir-birindən fərqli olmuş olsa da, bakteriya yerinə mikrob işlətsək, dünyalar qara geyinməz, zənn edirəm. Burada cənab Sultanov öylə bir məsələlərə girişir ki, oxucular tamam kitabı yox, bəlkə bu iyirmi səhifədən ibarət məqaləni oxuyub qurtarandan sonra ancaq bunu biləcəklərdir ki, dünyada zərrəbini canlı heyvanlar (?) var imiş. Əsil elmi-səhhətə dair asan məsələləri axıra salıb ən çətin məsələlərdən başlamaq didaktika-elmi nəzərilə böyük bir xətadır. Bu elm deyir: əvvəl yavuqdan başlayıb uzağa getmək, yəni asandan başlayıb çətinə getmək. Cənab Sultanovun kitabında əsil hifzül-səhhətə dair məsələlər: toz, su, hava və qeyrilər axıra düşübdür. Ən çətin, bakteriya məsələsi qabağa keçibdir. Nədənsə, cənab Sultanov kitabda əsil elmi-səhhətə dair məsələlərə əhəmiyyət verməyir, verməyib də kitabına gigiyena--elmi-səhhət adı vermək böyük cürətdir. Məsələn, su kimi bir böyük məsələ barəsində bəhs açıb quyu, çay suları barəsində müfəssəl söyləmək olmaz. Nə üçün doğrudan da Avropada və yainki Rusiyada milyardlar xərc edib vodoprovodlar düzəldirlər? Burada vodoprovodlardan və ya kanalizasiyadan bir gözəçarpan statistika vermək və çıplaq sıfırlar ilə xalqın beynini oyatmaq nə gözəl olardı. Doğrudan da, Bakı camaatı, xüsusən müsəlmanlar hərgah bu vaxtadək içdikləri su nə olmağını bilsəydilər və onun zərərini düşünsəydilər, şollar suyu imdi Bakının küçələrində sel kimi axırdı. Haman su məsələsində filtirdənmi söhbət etmək olmazdı? Vəhalon ki, hazır filtirlər vardır ki, altı min bakteriyalı suyu təmizləyib bir bakteriya ancaq tapılır. Bu məsələdə artezian quyularımı əhəmiyyətsizdir? Bir yerdə həm su quyusu və həm rahatxana olub da, bunların bir-birinə yer altında yol olmağımı əhəmiyyətsiz məsələdir? Bəs xüsusi yer məsələsi necə oldu? Toz və hava barəsində yazıb da və məktəb məsələlərinə ciddi surətdə girişməmək böyük xətadır! Cənab Sultanov bu sualların cavabında deyə bilər: mən müxtəsər məlumat verməyimi kitabın müqəddiməsində yazmışam. Onda yaxşı olmazdımı dıq mərəzinə dair "Hava ilə müalicə" məqaləsini bir az gödək yazaydınız. Əcəba! Kimdir imdi həkimsiz girə azot və ya muşyak ilə özünə müalicə edən? Bununla belə, bu barədə məqalə kitabın üç səhifəsini tutubdur. Bunun əvəzində yaxşı olardı ki, bir az da işıq barəsində məlumat veriləydi. Daha doğrusu, sirayətedici mərəzlər barəsində yazıb da müalicələrinə artıq əhəmiyyət vermədən əsil hifzül-səhhətə dair məsələlərə geniş yer vermək əfzəldir. Kitabda bir neçə elmi səhvlər də vardır; fəqət bu səhvlər oxucular üçün bir o qədər əhəmiyyətli deyil. Lazım olursa, cənab doktor ilə bu barədə söhbət edərik, tainki kitabın ikinci çapında təkrar olunmasın. Bununla belə, cənab Sultanovdan təvəqqe edirik ki, cənab Meçnikovun qocalığa dair təsvirinə artıq dərəcədə diqqət versin. Cənab Meçnikovun qocalıq barəsində leksiyasını mən eşitmişəm. Ona binaən, cənab Sultanovun Meçnikov teoriyası barəsində dediyi sözlərə şərik olmam. Bu teoriya və immunitet məsələsinə dair ümidvarıq cənab Sultanov ikinci çapda lazım olan məlumatı versin. Çünki bu iki məsələnin gələcəkdə elmi-səhhətdə böyük rollar oynamağına heç şübhə yoxdur. Dil məsələsinə gəldikdə, doğrudan-doğruya cənab Sultanov bir hünər göstəribdir ki, kitab sadə, açıq türk dilində yazılıbdır. Fəqət cənab Sultanov türk dilinin ədəbiyyatına, sərf və nəhvinə bələd olsaydı, yaxşı olardı. Tibbə dair kitab yazmaq üçün zəhmət çəkənlərə bir söz də demək istəyirdik. Hal-hazırda tibb elminin böylə bir ağır şöbəsinə girişməkdənsə, bu şöbəyə dair, ayrıca-ayrıca məsələlər barəsində balaca kitabçalar yazmaq daha gözəl olardı. Hər halda, bu səhvlər ilə belə, möhtərəm yoldaşımız Kərimbəy Sultanovun "Hifzül-səhhət" kitabı müsəlmanlar üçün gərəkli bir kitabdır. Səhv etməyiriksə, bu kitab doktor əfəndinin əvvəlinci zəhmətidir. Ona görə böylə səhvlər iş başlayanlar üçün müyəssərdir. Bir də gərəkdir bunu bilmək: iş görən səhv edər, iş görməyən səhv etməz. Biz səmim-qəlbdən yoldaşımızın böylə bir müqəddəs yola ajar qoymağını təbrik edirik. Ümidvaram ki, Kərimbəy Sultanov alim bir adam olub da, göstərdiyimiz səhvlərdən qorxmaz və daha artıq ciddü-cəhd edərkən bildiyi məlumatları müsəlmanlar arasında intişar edər. Doğrudan da yeni oxumuş diplomlularımızın arasında Kərimbəy Sultanov öz kitabı ilə şəfəqlənir. Böylə qeyrətli cavanlarımızın artması millətimizin xoşbəxtliyidir. * * * == Hekayələr == Bir kəndin sərgüzəşti Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi. Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu. Nağıl edirlər ki, N. və İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər, ona görə də adları həmişəlik qalmışdır.... Bu iki məhəllə bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N. məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil kefdə, eyş və işrətdə keçirən bir xalq idi. Bu məhəllənin adamlarına dürüst diqqət olunsaydı, yəni bunların zindəganlığını mükəmməl surətdə bilən bir adam olsaydı, yəqin ki, deyərdi: belə bir zövq və səfa ilə yaşamaq bunlara irslə çatmışdır. Biləks, İ. məhəlləsinin camaatı zəhmətkeş bir camaat idi. Bura adamları vaxtında yerlərini əkər və vaxtında biçər; tez-tez şəhərə gedər, alver edər və şəhərdən bir çox şeylər öyrənib daima tərəqqidə bulunardılar. N. camaatı da şəhərə gedərdi, fəqət bu camaata məxsus onlar şəhərdən gələndə ancaq çayxanalarda, qəhvəxanalarda görüb-eşitdiklərindən dəm vurardılar. Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. Bununla belə İ. məhəlləsinin camaatı məktəb fikirinə düşmüşlərdi. Fəqət N. məhəlləsi bu fikirə bir növ mane olurdu. Məsəla, belə bir məsələ üçün kəndxuda (starşina) hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. İ. məhəlləsinin vəkilləri həmişə gələrdilər, halbuki N. məhəlləsindən bir adam da gəlməzdi. Ona görə də məktəb məsələsi uzandıqca uzanırdı. Xülasə İ. məhəlləsinin camaatı camaat işlərində artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. Sudya, kəndxuda və yainki müəyyən bir iş üçün inmirəlilər həmişəcidd-cəhd edərdilər ki, əməlli adamlarını seçsinlər, yəni seçdikləri şəxslər işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət yeməsinlər, camaata xəyanət etməsinlər. N. məhəlləsinin adamları camaat işlərinə qarışmazdılar. Hərdənbir vəkil lazım olanda "Əmi" sözü ortalığa düşərdi. Bu Əminin adı uzun olduğu üçün kimsə onu adı ilə çağırmazdı. Zatən Əminin adını demək olmazdı, çünki N. məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə Əmi deyirdilər. Bu məhəllədə, həqiqət, Əmidən başqa bir böyük adam yox idi. Hətta Əmi bir dərəcədə məşhur olmuşdu ki, qeyri kəndlərdə, hətta şəhərlərdə də bu adla tanınmışdı. Xülasə, hamı buna Əmi dəyirdi. Əmi 70-80 yaşında olardı. Amma bunu da demək gərək ki, bu məhəllədə heç kəs Əminin yaşını bilməzdi. Hamı göz açıb onu tərlan kimi gözəl görmüşdü. Ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. Dövləti başından aşardı. Nəinki N. məhəlləsində, bəlkə bütün kənddə, uezddə dəxi bundan dövlətli zəngin bir adam tapılmazdı. N. məhəlləsinin camaatı Əmini çox sevir və ona hörmət edirdilər. Bu da səbəbsiz deyildi. Məhəllənin ac bəyləri həmişə bundan borc alardılar. Əksərəndə də vaxtında borclarını verə bilməzdilər və yerləri Əmiyə keçərdi. Əmi qeyri adamlara da sələmlə pul verərdi. Kişi doğrudan da yaxşı adam idi. Kasıb-kusuba kömək edərdi. Bunlara pul buraxardı. Ancaq borcunu vaxtında verməyəndə onlara ağalıq etməyi də unutmazdı. Yəni ata oğluna tənbih edən kimi Əmi də onlara nisaq biçərdi ki, gələcəkdə sözlərinin üstə dursunlar ... və bu səbəblərə görəmi, ya qeyri bir səbəblərə görə camaat Əmini çox sevərdi. Və sevmək də lazım idi, çünki N. məhəlləsinin camaatından xəbərsiz Əmi lazım olan vaxt camaatın tərəfindən danışar, işlərini düzəldər, onlara artıq zəhmət verməzdi. N. məhəlləsinin camaatına da belə bir şey lazım idi. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. Bir də pristav və naçalnik gələndə həmişə Əminin evində düşərdilər. Bu iş Əminin adını daha artıq ucalandırırdı. Bunu Əmi özü də anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belə adamlarla durub-oturmaq camaatın nəzərində böyük şeydir. Hətta belə olmuşdu ki, İ. məhəlləsinin camaatı da Əmidən çəkinirdi və özü də bunu guya sevirlər, buna hörmət edirlərdi. Fəqət ürəklərində buna gülür və çox şad olurdular ki, N. camaatının arasında Əminin nüfuzu gündən-günə artır. Şad olmaqlarına da səbəb var idi. İ. məhəlləsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini ancaq dünyadan xəbərdar, elmli bir adam yaxşı apara bilir. Əmi isə öz kəndindən başqa özgə aləm görməmiş, bir şeydən baş çıxarmazdı. Doğrusu, İ. məhəlləsinin camaatı durbin camaat idi. Əminin N. məhəlləsində nüfuzu artmaq üçün qəsdən Əmini tərif edir və naməlsəmlilərə: "Siz çox xoşbəxtsiniz ki, Əmi kimi böyüyünüz var" deyirdilər. N. camaatı da bu sözləri eşidib deyirdi ki, "Gör Əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu böyük adam hesab edirlər". Daha bizim sözümüz olmaz. Bu xəyalla daha Əmiyə artıq bir iman gətirir, işlərini, hüquqlarını tamamilə ona tapşırırdılar. Hətta iş bir mərtəbəyə çatmışdı ki, ortalığa ən mühüm bir məsələ gələndə N. camaatı heç bir vaxt yığılıb onu müzakirə etməzdi və etməyə ehtiyac da yox idi; çünki yüz baş bir olsa idi, genə Əminin başı kimi olmazdı. O deyən gərək olaydı. Ona görə camaat da arxayın olub öz yerində oturmuşdu. İ. məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. Doğrusu, iki məhəllə ata-babadan bir-birinə düşmən gözü ilə baxırdı. Ona görə də bu kənddə kəndxuda naçar bir halda bulunurdu. Bu kənddə bir-iki ildən artıq kəndxuda davam edə bilməzdi. Kəndxuda İ. məhəlləsindən olanda öz məhəlləsinin tərəfini saxlardı. N. məhəlləsindən olan da öz camaatının tərəfini saxlardı, nə isə, kəndin baxtındanmı, ya bir qeyri səbəbdənmi bu kənddə də bitərəf kəndxuda tapılmırdı. Amma yenə İ. məhəlləsinin tərəfini saxlayan kəndxuda bir az çox davam edirdi; çünki İ. məhəlləsinin tərəfdarı bilirdi ki, tamam N. məhəlləsi bir Əmidən ibarətdir, Əmini də lazımınca görərdi. Əlbəttə Əmiyə pul lazım deyildi. Bir medal və bir xaç almaq hər şeydən yaxşı idi. Doğrudan da, Əmi dünyanın hər bir ləzətini görmək istərdi. Və nə üçün də görməsin?! Fikir edərdi: pul ki var, onunla hər şey almaq olar; hətta onunla böyüklük də qazanmaq mümkündür. Və heç bir təəcüb etməməli! Həqiqət, pulun gücünə böyük adam olmaq olar, yəni böyük adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinə qoyun, birinə inək bağışlardı. Birinə motal göndərərdi. Nə bilim daha, nə, nə! Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. Adam öldürmək, oğurluq, quldurluq nəhayət dərəcədə intişar tapmışdı. Kəndin öz xahişinə görə bu kənddə dövlət tərəfindən bir bitərəf kəndxuda təyin olundu. Doğrudan da təzə kəndxuda yaxşı adama bənzəyirdi. Bunun adı Daşdəmir idi. Doğrudan da dəmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyətli bir kəndxuda idi. Kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü.... Bir neçə vaxt keçəndən sonra təzə kəndxuda gördü ki, N. məhəlləsinin camaatı heç bir vaxt kənd işlərinə qarışmır və çağıranda da gəlmir; ancaq Əmi camaatın tərəfindən hərdənbir ortalığa tullanır. Məsələ, kənddə məktəb açmaq istəyirlər. İ. məhəlləsinin üzdə olan adamları tamamilə gəlir, danışır, çığır-bağır salırlar. N. məhəlləsindən ya heç adam olmur, ya olsa da bir Əmi gəlir, ya gəlmir.... Bir gün belə, iki gün belə.... Axırda bir gün Daşdəmir kəndxuda arvadına deyir: "Mən, doğrusu, N. məhəlləsinin adamlarına təəccüb edirəm. Bunlarda heç bir insan sifəti görünmür, bunlar qoyun kimi şeydirlər. Amma qaldı ki, İ. məhəlləsinin adamları yırtıcı bir camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların aralarında bəyzadəzad yoxdur, hamısı fəqir adamdırlar. Fəqət dünyadan xəbərdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünə tökülürlər". Arvad kəndxudaya dedi: "İ. məhəlləsinin camaatını sən hala yaxşı tanımırsan. Hərgah istəyirsən ad qazanasan, qulluğun artsın, özünü o tərəfə ver, çünki onlar çığıran-bağırandırlar, heç bir şeydən görəsən ki, bir böyük şey düzəltdilər. Mənim atam bu məhəllədən olmağa görə bunların barəsində uşaqlıqdan çox şeylər eşitmişəm". Arvadın sözləri kəndxudanın beyninə batdı. O gündən kəndxuda N. məhəlləsinin camaatına qeyri bir nəzərlə baxardı. O məhəllədən bir adam şikayətlə gəlirdisə Əmidən soruşardı. Əmi də işə baxardı. Özünə xoş gələn adam olsaydı, deyərdi, gərəkdir kömək oluna, xoş gəlməyən adamı itirdirdi. Buna birəks İ. məhəlləsində bir ittifaq düşərdisə,tez özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi.... Nə isə Daşdəmir kəndxuda işlərini bir növ yola aparırdı. O, hamı kəndxudalardan bu kənddə artıq yaşadı. Hörməti də günbəgün naçalnik yanında artdı. Axırda bu payəyə çatdı ki, bir gün qubernator kəndə gələndə ağsaqqalların hüzurunda kəndxudaya dedi: "Mən sənin qulluqların əvəzinə böyük mənsəb verəcəyəm". Bu məclisdə Əmi də var idi, camaat isə öz tərəfindən kəndxudanın yaxşı adam olmasını qubernatora söylədi. Bu gündən Əmi daha da Daşdəmirə yavıqlaşdı. Nə üçün də yavıqlaşmasın?! Gördü ki, kəndxudanın xatirini qubernator istəyir. Əmiyə də elə bu lazım idi.... Kəndin yavıqlığında bir bulaq var idi. Qədimdən adət üzrə bu bulağın suyunu həftədə üç gün bir məhəllə öz tərəfinə aparardı. Bir gün belə oldu ki, İ. məhəlləsi suyu dörd gün öz məhəllələrinə buraxdılar. N. məhəlləsinin adamları bu əhvalatı Əmiyə dedilər. Əmi dedi: "Yaxşı, mən danışaram". Doğrudan da Əmi kəndxuda ilə görüşüb bu əhvalatı dedi. Kəndxuda Əmiyə dedi: "İ. məhəlləsi üçün bu həftə su çox lazım olduğuna görə məndən təvəqqe etmişdilər ki, bir gün artıq su götürsünlər. Sizdən təvəqqe edirəm kəndxudanın işinə qarışmayasınız". Əmi övqatı çox təlx evə gəldi. Amma bunu da bilməli ki, Əmini kəndxudanın sözləri qorxutmuşdu. Bu vaxtədək Əmi belə sərt söz eşitməmişdi. Əmi fikir edərdi; görünür kəndxudanın beli bərkdir ki, Əmi kimi adamla belə cürətlə danışır, bununla belə Əmi məhəlləsinin adamlarına dedi:--Bəli, mən kəndxudaya əhvalatı dedim o, əfsus etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi. Məhəllə camaatı sakit oldu. Bu əhvalat hər ikisini imtahan meydanına çəkdi: Əmi puluna, adına ümid bağlayıb fikir edərdi: "Əlbəttə, kəndxuda mənim sözlərimi yerə salmaz". Kəndxuda isə sərt cavab verib Əminin gücünü sınayırdı. Bu fikir edərdi: "Hərgah doğrudan Əmi sidq ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir.Yəni camaata düz-düzünə deyər, camaat isə öz hüququnu müdafiə etmək üçün yanıma gələr, dərdini söyləyər...." Həqiqət, kəndxuda ağıllı bir adam idi. İki həftədən sonra İ. məhəlləsinin adamları yenə də bir gün artıq suyu öz məhəllərinə buraxdılar.... N. məhəlləsi yenə Əmiyə ricu etdilər. Əmi yenə söz verdi ki, kənxuda ilə danışar. Fəqət bu dəfə Əmi qorxusundan kəndxudaya heç bir söz demədi. Bununla belə məhəllə camaatına dedi ki: Kəndxudaya olmayan sözləri dedim, kəndxuda isə cavab verdi, məni bağışlayın, daha belə şeylər olmaz. Camaat Əmiyə inandı və sakit oldu. Yenə bir gün belə bir ittifaq düşəndə N. məhəlləsinin bir neçə cavanları daha səbr edə bilməyib əllərində bel su başına getdilər. Bu vaxt İ. məhəlləsinin cavanlarından da bir neçəsi su başında oturmuşdular. İki məhəllə adamlarının arasında söz oldu. N. məhəlləsinin adamları istədilər suyu öz tərəflərinə buraxsınlar. İ. məhəlləsinin adamları bunlara mane oldular. Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar.... Bunların çığırtısına kənddən hər iki məhəllədən adamlar töküldülər. Kəndxuda gəldi. N. məhəlləsinin adamlarından bir neçəsini tutdurdu. İ. məhəlləsinin adamlarına bir söz də demədi. N. məhəlləsinin adamları Əminin yanına gəldilər, əhvalatı söylədilər. Əmi çığır-bağır etdi: atdı, tutdu və axırda dedi: "Heyif ki, mən hazırda naxoşam, siz gediniz rahat olunuz, görərsiniz, mən kəndxudanın başına nə oyunlar gətirəcəyəm." Məhəllə adamı inanıb getdi, sabahı gün Əmi axşamçağı bir qoyun, bir motal kəndxudaya göndərdi, sonra özü də getdi.... Kəndxuda Əmini görüb dedi: "Dünənki əhvalat mənim övqatımı təlx edibdir. Bu gün naçalnikə də, qubernatora da raport yazmışam. Bir-iki adam gərəkdir bu kənddən sürülə, özü də sizin məhəllədən." Əmi gülümsünüb dedi: "Bəli, bəli, bizim məhəlləni xarab edənlər var. Bir-iki başlarına at təpmiş cavanlar gərəkdir bu kənddən sürülə...." N. məhəlləsinin camaatı gözlədi, gözlədi, bir şey çıxmadı. Kəndxuda öz-özünə fikir edirdi: "Doğrudan da bu məhəllənin camaatı heyvan qismi bir zaddılar. Bunların başlarınə nə gətirərsən yarar". Bununla belə İ. məhəlləsinin camaatı səhərnən açıq-açığına kəndxudanın evinin qabağına dəstə-dəstə yığıldılar, səs-küy etdilər və üç adamın kənddən sürülməyini tələb etdilər. Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər. Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu: hər yerdə hər zaman əllərindən gələn pisliyi bir-birinə edərdilər. Bir gün N. məhəlləsinin arvad-uşaqları su başında olarkən İ. məhəlləsinin cavanları bu arvadlara sataşırlar. Hətta bir-iki qız-gəlin tutub öpürlər. Arvad-uşaq bir-birinə qarışıb kəndə qaçır, hərə öz evində bu əhvalatı söyləyir. Məhəllə adamı bilmir nə etsin. Çarə yoxdur, yenə gərəkdir. Əmiyə demək, onunla məsləhətləşmək! Əminin yanına gəlib əhvalatı söyləyirlər. Əmi məhəllə qeyrətini göstərməkdən ötrü papağını qoyur yerə, yumruğu ilə stola vurub deyir: "Siz bircə rahat olunuz, görərsiniz mən bu kəndxudanın başına nə işlər gətirəcəyəm. O nə adamdır ki, mən onunla danışım, bu günlərdə şəhərə gedəcəyəm, düz qubernatorun yanına gedib tamam əhvalatı söyləyəcəyəm." Bir-iki gün bundan keçmiş kəndxuda Əminin yanına gəlir. Əmi tez xörək tədarük etdirir. Ancaq kəndxuda deyir: "Cənab Əmi, sizin yanınıza xörək yeməyə gəlməmişəm. Mən gəlmişəm sizə bir neçə söz deyəm: Mən eşidirəm sizin məhəllədə bir neçə tədarüklər görülür, guya sizin məhəllə İ. məhəlləsinin üstə düşüb istəyirlər dava edələr. Mən yaxşı bilirəm ki, məhəllə adamı sizin sözünüzdən çıxmaz.... Bu, naçalnikə də məlumdur.... İndi özünüz bilirsiniz, hərgah belə bir əhvalat olsa siz cavab verməlisiniz...." Əmi doğrudan doğru qorxdu və dedi: "Cənab kəndxuda, mən hamının tərəfindən söz verirəm ki, belə şey heç kimin başında ola bilməz və camaatımız heç vaxt belə naqabil işlər etməz." Kəndxuda durub gedəndə Əmi yüz manat da verdi ki, kəndin yetim uşaqlarına, dul arvadlarına paylasın ... kəndxuda gedəndən sonra Əmi tez məhəllədən bir adam çağırtdırıb dedi: "İndi kəndxuda yanıma gəlmişdi. Eşidibdir ki, bizim məhəllə adamı istəyir dava etsin." Mən kəndxudaya dedim: Əlbəttə, bu biabırçılığı kim qəbul edər ki, biz edək. Mən dedim hələ qubernatora bu əhvalatı deyəcəyəm. Kəndxuda məndən təvəqqe etdi ki, mən bu adamın qabağını saxladım; çünki müqəssirlər öz cəzalarına çatarlar. Ancaq bir az səbr lazımdır. İşlər hamısı düzələr, barışıq düşər.... Bunun cavabında mən dedim: Yox, olmaz, bu işi belə qoymaq olmaz. "Bu sözləri Əmi acıqlı deyib bir az fikrə getdi." Sonra başladı: hər halda belə bir əhvalat varsa siz qabağını saxlayın, çünki mən qubernatorun yanına gedib hamı işlər düzəldərəm və çalışacağam bu kəndxudanı buradan götürsünlər. Əminin yanına yığılan adamlardan biri dedi: "Əmi, sən bizim atamızsan, nə deyirsən qulaq asırıq. Ancaq belə də olmasın ki, bizim arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qəbul edə bilmərik." Onun cavabında Əmi dedi: "Siz arxayın olun, mən özüm bilirəm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız." Doğrudan da sabahı gün Əmi şəhərə getdi. Alver edib kəndə qayıtdı. Qubernatoru nəinki görmədi hətta qorxusundan qubernator olan küçədən də keçmədi.... Məhəllə adamı Əminin şəhərdən gəldiyini eşidib bir-birinə dəydilər. Xalq Əminin evinə töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir verdilər. Əmi bunlara cavab verərək dedi: "A kişilər, siz bilmirsinizmi mən ölənədək varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə oturunuz, işin aqibətini gözləyiniz." Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəlləsindən bir neçə adam qazamata düşdü.... İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o məhəllənin qorxusundan, axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa bilməzdi. Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlərinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etməyəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi.... Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazımdır işlərini düzəldirlər. Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan işləri N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə naçalnik, qubernatorun yanında hörməti günbəgün artırdı. Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. camaatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düşdülər. Kəndxudanın getməyindən bir gün müqəddəm Əmi öz məhəlləsinin adamlarını yığıb gülə-gülə onları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu zalım balası başımıza nə oyunlar gətirdi. İndi biz gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola düşəndə heç kim onu ötürməyə çıxmasın. Onunla salamlaşmasın. Fəqət bir mənim getməyim məsləhətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: bilsin, düşünsün ki, biz də varıq.... Camaat buna razı oldu. Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb kəndxudanı ötürməyə hazırlaşdılar. N. məhəlləsindən isə Əmidən başqa bir adam yox idi. İ. məhəlləsindən vəkillər bir-bir qabağa yeriyib kəndxudanı alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı. Bu halda Əmi də qabağa yeriyib dedi: "Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsinin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə çox görməsin. Sizi özümüzə ata bilirdik.... " Hətta yalandan dodağını da büzdü ki, guya ağlamaq istəyir.... Həqiqət, halda isə N. camaatının bu yığıncaqda olmamağını kəndxuda heç bilmədi və hiss etmədi. Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın əvəzinə həmişə Əmi söylərdi o da ki, burada. Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda gedə-gedə öz aləmində fikir edirdi: "N. məhəlləsinin camaatı qəribə bir camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki, çox axmaq. Mən əlimdən gələn yaxşılıqları onların düşmənlərinə etdim, onları hər vaxt düşmənlərinin ayaqlarına verdim, bununla belə yenə də Əmi kimi nüfuzlu bir şəxsi məni təbrik etmək üçün göndərdilər. Kəndxuda doğrudan da bilmədi bu camaaat nəyə qulluq edir, hansı allaha səcdə edir, hansı ağlın, hansı qeyrətin sahibidir. * * * İdil kənarında (Bir romanın başı) Nə gözəldir İdil çayı! Hacıtərxan dairəsində bu çay daha gözəl nəzərə gəlir. Bu dairədə buna çaymı, ya bir uzun göl, ya bir uzun dəniz də desənyaraşar! Həqiqət, çay axar suya deyirik, deyilmi? Hacıtərxan dairəsində İdilin haraya axmasını ancaq su üzərində üzən taxta parçalarından və qeyri suda üzən şeylərdən də bilmək mümkündür. İdil həqiqət axırsa da Kür və Terek kimi qıjıldamır. Səssiz-səmirsiz böyük, geniş, həmvar, gözəl, mülayim, məğrur İdil müdam hərəkətdə bulunursa da, gah vaxt suyun üzü şüşədən körpü yapılmış kimi nəzərə gəlir. İdil bu halətində xüsusən gecə ay işığında daha ziyadə görünür. Ay işığında suyun nazik, xırdaca ləpəcikləri ürəyi saf, ruhu təmiz, tam vücudu məhəbbət ilə dolmuş gözəlin şəfəqli, mehriban gözlərinə bənzəyir. Bu gümüş şəfəqli ləpəciklərə diqqət ilə baxınız: biri batır, əvəzinə bir qeyrisi şəfəqlənir. Guya utancaq bir gözəl gah sizə baxır, gah yerə.... Ah, bu gözlərdə olan nəzakət, məhəbbət, hissiyyat hansı bir əzada ola bilir? Öylə bir gözlərə diqqət ediniz: sizi sözsüz dəvət edir. Sizi dünya məşəqqətindən, müdam həyat müharibəsindən bir neçə saat xilas etmək istəyir. Siz gedirsiniz yaşıl ot üzərində əyləşib gah buludsuz göyə, gah bu ox kiprikli məhəbbətlə dolmuş gözlərə baxırsınız, sözsüz-felsiz bir-birinizi düşünürsünüz. Qeyri bir halətdə bulunmağınızı hiss edirsiniz.... Belə bir halətdə dünya məişətini, saatda qəlbinizi pozan, qanınızı xarab edən işləri bilmərrə unudursunuz, unudub da əcəba, bu halət, bu ləzzət nə üçün həmişə müyəssər deyil deyib fikrə gedirsiniz.... Bu gümüş şəfəqli nazik ləpəciklər də sizi məhəbbət aləminə dəvət edirlər. Onlar guya deyirlər: bəsdir, zəhmətdə bulundunuz. Tam gün məşəqqətdə bulunan əzaları rahat ediniz. Məhəbbət nə olduğunu düşününüz.... Ah, nə gözəl mənzərə! Nə gözəl aləm! Diqqət ilə baxıb da qulaq asınız bu nazik ləpəciklər nələr söyləyirlər. Necə şirin nəğmələr oxuyurlar.... Ana balasını "layla balam, layla" sözləri ilə rahat edir, deyilmi? Siz də gərdişi sevirsiniz isə haman laylanı bu ləpəciklərdən eşidirsiniz.... Ürəyiniz aram ilə döyünür, ruhunuz artıq dərəcədə ləzzətdə bulunarkən fikir edirsiniz. Əcəba, başımda tam gün dolanan qara fikirlər, ürəyimi hər saatda, hər dəqiqədə iztiraba salan işlər harada qaldı? Tamam vücudunuz ilə gərdişə tabe olub da öz-özünüzə deyirsiniz: mən sevirəm, mən hamını sevirəm.... Canlı, cansız şeylər, bu oturduğum qayıq, bu qayığın dörd tərəfində balaca ləpəciklər, bunlara işıq salan ay, bu üstümdə baxan ulduzlar, bu qayıq altında üzən balıqlar, o kənarda gəzən heyvanlar, bu heyvanlara sahib olan insanlar--bunlar, bunlar hamısı guya mənim məhəbbətimi tələb edirlər.... Fəqət bir az keçmiş gördüyünüz və məhəbbət bağladığınız mənzərə təğyir tapır: odur, bir böyük paraxod tapbıldaya-tapbıldaya var qüvvətlə suyu yara-yara gedir də İdilin həmvar üzünü çaxnaşdırır. Zorba ləpələr paraxodun hər iki tərəfindən, "şişş", səslə bir-birini qovurlar. Rastlarına gələn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçə arşın yuxarı qalxızırlar. Dağın başında bir uçuruma düşən şey kimi balıqçılar bu ölüm çanağında gah yuxarı qalxırlar, gah birdən quyuya bənzər iki ləpə arasına düşürlər. Fikir edirsiniz.... Budur, qayıqçılar hazır suya qərq olacaqlar.... Mənzərənin belə bir təğyir tapmağı halınızı büsbütün dəyişir. Sizə layla vəd edən ləpəciklərin əvəzinə zorba, dəhşətli, hirsli ləpələr, paraxodun suyu yarıb iti getməyi, balıqçıların təhlükəli halları, səs-küyültü, fışıltı sizi yuxu aləmindən yenə məşəqqət aləminə salır. Yenə əski fikirlər. Yenə müharibə, yenə həyatı hifz edərkən həyatı puç etmək, yenə də tərəqqi-tənəzzül, büğaz, həsəd, kizb, yenə də qanlı başlar, şad-xürrəm qəhqəhələr, yenə də acından quru yerdə zır-zır edib can verənlər, qaz əti ilə plov yeyib qu balış üstə istirahət edənlər, yenə millət naminə işləyib milləti satanlar. Ah, gözəl İdil, mən bu fikirlərdən bir neçə saat azad olmaq istədim, ruhum, bədənim mənim təbii yorunuq istərkən mən sənin nazik, nəzakətli ləpəciklərinə pənah gətirirdim. * * * Pir İyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu: "Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək." Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb istəyirdi yerini yığsın, bu vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi: "Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir,sən uşağı durquz." Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu. "Bir az yavaş, qorxar!"--deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi. Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də buna oxşar sözlər idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir, pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah, mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir vaxtda dedi: "Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə istəsəniz qəbulə keçər. Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad ver!" Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt idi: övladı olmurdu. Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı. Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu. Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin ərzində iki dəfə uşağa qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu. Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün bədənini ağrı tutardı. Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi. Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə naxoş, zəif olduğuna görə ev işləri yaxşı getmirdi.... Məşədi də "məhrəm" bir "qulluqçu" gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi ki, gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp, həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədr-qiymətini" bilən adam deyildisə də, daha çox da gözəl arvad almaq fikirlərini etməzdi. Ona ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən almayıb kənddən aldı? Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi.... Məşədi də fikir edərdi: "Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola. Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi.... Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu. Çünki naxoş, zəif arvada yazığı gəlirdi. Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə milyon arvadları vəhşi edərdi.... Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də istəməzlər.... Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı.... İndi odur, hələ dünyanın işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə gün qalmış pilləkənlərdən çıxıb-düşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən oynayıbdır".... Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar axşamlar evə gələndə darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib diksinməsin. Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı. "Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?"--deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı.... Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını, "pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirə göndərsin. Bunu fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sədası gəldi. Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün şeylər alsın. Çuxasının bir qolunu geyib birini də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan gülərdi, ucadan salam verərdi, hətta tanımayan adamlara da salam verərdi. Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin. Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin kefini xəbər almadı ki, bəlkə söz açıla.... Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-gülə dedi: "Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə." Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı: "Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub dedi: "Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?" "Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...." "Yəni, necə sonra?" "A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!" Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri olmasın? Nə üçün bu öz dili ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...." Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra" sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi. "Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!" Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu sözləri Məşədi Allahverən bütün varlığı ilə hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi: "Bəli, allah-taala bizə bir oğul bağışladı." Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı Xudaverdidən yenə də bir söz gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda oynayaq....". Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki Kərbəlayı Xudaverdi gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra sözlərinin dalı gəlmədi.... Məşədi də ancaq bir dolmalıq alıb apardı. Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi: "Hə, əhvalı necədir?" "Yaxşıdır, yaxşıdır!" "Göbəyi-zadı öz yerindədirmi?" "Bəli, bəli!" Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi alıb Məşədi Allahverəni uşağın yanına buraxdı. "Hə, necəsən?" İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə bilim nə, nə ... hamısı bir-bir fikrindən keçirdi. Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin ərzində çox balaları gözdən keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı qədərindən yekə bir uşaq idi və bir az da qeyri bir iy verirdi.... Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar.... Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fəqət Cəbidə bu əhvalatlar görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü.... Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi: "Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın." Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə getdi. Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də deməyib dərman yazdı. Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək.... Arvadlar evə qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi: "Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı bilirəm, yaxşı tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, anasını çağırarlar, babasını qəbirdən çıxartmaqdan da bunlar çəkinməzlər.... Gör nə axmaq-axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et, yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar boş sözlərdir.... Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. Bir azdan sonra Gülbadam uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam ərindən izinsiz getmişdi. Gülbadam əhvalatı açıb dedi: "Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə həkimə getmişdim. Uşağa diqqətlə baxıb o da dedi, atasını görsək yaxşı olardı. Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-özünə fikir edirdi: "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi. Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu: "Həkimbaşı, mənim uşağımın mərəzi nədir?" Həkim dedi: "Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və anasında aramaq lazımdır və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf olar və yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demək lazımdır: mərəz ağır bir mərəzdir.... Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla olubmuş. Bir az sonra yenə də məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş.... Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi: "Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə ediniz...." Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm Gülbadam və həm özü Cəbi kimi bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan vaxt Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... Nə üçün daha oturmuşam!...." O idi ki, Məşədi Allahverən cümələr uşağı pirə aparırdı. Bu cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun. II Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin getməyinə də bir səbəb var idi. Biri Məşədi Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicə etməyib traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. Fəqət çox adam Məşədi Allahverən kimi "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri qəbula keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, inanmamaq da olmazdı. Çünki bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur imiş, pirə nəzir deyibmiş.... İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur.... Filankəs filan şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ... nə.... Fəqət il uzunu pirə sürünən çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı.... Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər. Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki, toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az: çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da nə idi: oruc, namaz, zəkat, fitrə.... Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman.... Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur. Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar. Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur. Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə suyulub arvad almasın.... Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab, başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir.... III Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur, Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər.... Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər. Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi. Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı. Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi. Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük olmuşdu.... İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər, qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi. Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi. Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli saleh olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz? Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T... kəndindən bura gətirmişdilər, dərhal bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün.... Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər.... Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin! İnşaallah, qəbula keçər" sədası eşidilirdi. Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı. Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi: "Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....". Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi: "Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala, oğlum! At çox istəyirsən, ya eşşək?" Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən danışdırırdı.... Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək xərc istəyirdi.... Gülbadamın da özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələcəkdə belə bir bədbəxt dünyaya gəlməyə....". Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı.... Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi. Belə bir qarışıq fikirlərdə bir Məşədi deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir neçə dul kişi, bir neçə dul arvad özgə xəyallarla pirə getmişdilər.... Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri eşidib bunlar da "lənət şeytana" deyirdilər.... Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər, bir də bir az Molla Cəfərqulu.... Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini bilirdi. Molla Cəfərqulu ağıllı bir adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidən başqa kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir.... Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən gedər. Bilirdi ki, heyvana bir yem lazımdır.... Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar.... Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z... kəndinə gəldi, "mən mərsiyəxanam", dedi. Z.... kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi. Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi".... Bir az zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər: "Bunun zənguləsinə heç zəngulə çatmaz....". Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala baxardı, hətta sonralar həkimlik də edərdi. Axırda yerini isti görüb Z... kəndindən bir arvad aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu. Elə də deyildi ki, Molla Cəfərqulunun tək bir oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki, Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək, filan cibkəsən, filan lotu, daha nə bilim, filan filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır.... Molla Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab olunur. Elə də insafsız adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı. Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin, balaca qapısını gərəkdir açıb nəzirlərə "baş çəksin".... Bu cümə də Molla Cəfərqulu qonaqlarını yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi.... IV Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir.... Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin kəramətlərini başından keçirirdi və hərdənbir "çox şükür, pərvərdigara!" deyib balasının halına yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi.... "Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki, bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən bilsin, düşünsün, sonra şükürlər etsin.... Xeyr, belə deyildi.... "Hər şeyi allah yaradıbdır" sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu ilə bunu düşünməzdi. Heç olmazsa bədəninə diqqət edib dəqiqədə yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini eşidə idi. Və bu ürəyinin dayanmağı bütün bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu, Məşədi Allahverən üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb qırmızı almalar ağaclardan sallanır.... Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın qüvvətini, qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü üstə düşmüş dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı.... Gördüyü, eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kənar salmışdılar: filan şeyi etsən allah səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ... nə.... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu, rabitə pozulurdu.... Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar.... Nə olardı ki, buna deyəydilər allah adildir, hamıya bir gözlə baxar, allah mehribandır--hamını sevər, bəslər.... Xeyr. Məşədi Allahverənə allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər.... Düşünmədilər ki,qanunla, qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz.... Həqiqi məhəbbət üçün görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə: namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi.... Ona yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!". Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi. Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən.... Bunlar isə həmişə deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi verəcəkdir.... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi allaha həqiqi məhəbbət bağlamış olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi? Həqiqi allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı.... Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya getdi.... Namaz vaxtına bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı, yenə şükürlər etdi, sonra tələsik Gülbadamı səslədi: "Ay qız, Gülbadam! Gülbadam!" Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın bir köynəkdə yerində oturub deyir: "Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...." "Allah xeyir eləsin!"--deyib, Gülbadam qulaq asdı. "Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım yüyürə-yüyürə üstümə düşdü və dedi: "Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım...." Gülbadam başını aşağı salıb: "Allah xeyir eləsin!"--dedi və başını tez balışa atdı. Məşədi Allahverən dedi: "Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?" Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq"--deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin yuxusu Gülbadamın tamam mazisini göz qabağına gətirdi. V Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum idi. Fəqət nazik çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa idi də üzünü eyibli etməzdi; çünki onun böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu gözlərdə qeyri bir hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər çalışardı ki, qızı atasının yoxluğunu hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. Əri öləndən sonra mamalıqdan başqa ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə üçün də istəməyə idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona ehtiyacım yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir yaman adama rast gəldim. Yox, yaxşısı budur ki, öz əlim öz başımda, tək bir qızım üçün gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm.... Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim, yel vurub çarşabımı açdı; filankəs də keçirdi, məni gördü". "Eybi yoxdur, qızım"--deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz desin?...." Həqiqət, Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı arvad bilərdilər və hörmətini saxlardılar. Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla Cəfərqulunun qardaşı Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib, İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə bir şey gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki, qafqazlıları savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı.... Axırda bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta bu işin xatirəsi üçün möminlər cərgəsinə daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı. İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı, ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli "Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ gəldi və burnu ortadan çökəldi. Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki həkim onun dərmanından buna da verərdi.... Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə tez köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı ki, müalicə etsin. Qoca kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu.... Günbatan vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da aparsın, əmisinə lazım olarsa, qulluq etsin.... Xülasə, ikisi də yola düşdülər. Bunlar gəlməkdə, əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar.... Əmisi M... kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı həmişə cibində şam və spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi. Bunlar yavaş-yavaş gəlirdilər. Qoz ağacına çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı. Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cəfərqulu qızışmış heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...." Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik özünü itirib Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki, haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında tez şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa. Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz uzanıbdır, Molla Cəfərqulu isə namaz qılır, şam da qibləsidir.... Çoban:--Nə olubdur?--deyə soruşdu. Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi: "Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca yavuqlaşanda ağacdan səs çıxdı. Bu zavallı arvad tab gətirə bilməyib qəşş etdi...." Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını torpağa qoydu və sonra ayağa durub dedi: "Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi: "Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, qeyri bir adam xəbər verərsə pir yox olar.... İndi sən get, özün də dalına baxmayasan, evdə danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən, sabah bunun duasını oxuyub elan edəcəyəm.... Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam yavaş-yavaş ayılıb başının üstə Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən ağladı.... Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--Aramızda olan əhvalat açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən. Gülbadam çox da fikir etməyib dedi: "Səni and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm ki, sənin bu hiyləni ölənədək açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...." Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da dinməz-söyləməz dalıca gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə elan etdi. Gülbadam isə şeylərini yığıb əmisinin evinə köçdü. Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-tələsik köçməyinin səbəbini bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını qurtardı. Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan "mehribançılığını" görürdü və hiss edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" daha da artmışdı. Molla Tutu Gülbadamın tərəfindən arxayın idi. ÇünkiGülbadamı ürəkdə təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi. Yenə necə olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cəfərqulunun tək bir oğlu vardı. Hətta qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də olmuşdu.... Molla Tutu isə bununla belə dərin məsələləri tez başa düşərdi. Yəni bir çətin də məsələ yox idi ki, başa düşməsin.... Molla Tutu kişilərin xasiyyətini bilirdi, bilirdi ki, ciblərində bir az artıq pul olanda arvad fikrinə düşərlər.... Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi.... O deyildi ki, qardaşının ölməyini istəyə idi.... Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu. Ona binaən hərdənbir fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun? Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti artsın....". Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb deyərdi: "Bilirsənmi, islamda bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir məsələdir.Heyfa ki, biz başa düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....". Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və onun cavabında həmişə deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman ki, quran oxumaq bilmədi, bütün müsəlman olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nə cavab verəcəksiniz?". Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını Molla Tutunun yanına göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da hamısı müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi.... Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə baxardı. Bir az əri Gülbadamın üzünə xoş baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da Gülbadamın əri öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir paltarlıq da alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir fikir edərdi: "Mənə quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm". Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək işlərdi. Fəqət əri öləndən sonra Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün gedirsən gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə". Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi.... O gecə də bir fürsət idi, Molla Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları bir yerdə buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ əmisigilə gedən baş istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş deyil.... Hətta fikrindən bu da keçdi: əmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan başqa əmisigildə heç kim yox idi.... Nə isə, Molla Cəfərqulu bir ayın, bəlkə daha çox vaxtın ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü.... Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların barəsində bədgüman olmaq yaxşı deyil, dul arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır.... Pozğun əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad ancaq məhəbbətinin qurbanı ola bilər.... Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda böyük fərq var. Qız, məhəbbətinin qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına təfavüt etməz.... Qızda olan bu hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında həqir bir nəzərdə olmaqlarına da səbəb olar.... Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu bir dəqiqədə Gülbadam üçün dəhşətli bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir yapmazdı. Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və bu məsələdə xalqın nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın.... VII Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına gəlib danışdırdı, yəni özü deyirdi,özü də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: "İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb söhbət edirlər. Bunu görüb çağırdılar və dedilər: "Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür." "A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə oldu ki?" "Deyirlər özü də vəbadan ölübdür." "İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...." Məşədi bir az fikrə gedib dedi: "Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə daha sözmü demək olar? Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi. Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır.... Nə bilim, daha nələr söyləyirdilər. Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam, əcəba, nə üçün bir gecənin ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu təmizlərdi.... İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz deyildi. Gündüz atası pirin kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar.... Bu da fikir etdi ki, bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç.... Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən.... Bu hində yarımcan Molla Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə: "Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi.... Ona binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi: "Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını tapşırdı...." Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı. Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar.... Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə təsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn adamlar, kəndçilər ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya tapşırdılar. VIII Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın gözünə bir nur da görünübmüş.... Məşədi Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza ilə dedi: "Hə, sən elə qaç həkimə...." "Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı. "Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, eşitdiyini Gülbadama nağıl etdi. Gülbadam ancaq bunu dedi: "Pirin pir yeri var, həkimin həkim yeri...." "Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm." "Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən pişik kimi tamam bədənini yığışdırdı. "Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir salam...." "Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm." "Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq yaramır...." "Hankı din, hankı məzhəb?" "Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir adam görünübdür.... "Sənin məkanın buradır...." deyib qeyb olubdur.... " Belə şeylərə inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi? "Bu möcüzü kim görübdür? Kim söyləyir?" "Xalq söyləyir." "Xalq kimin dilindən söyləyir?" "Mollanın." "Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?" "Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? Allah öz qüdrətini ancaq seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi çatlayıbdır. Hamı əhvalatı da arvadına söyləyibdir...." Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi: "Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər.... Yox! Tamamdır! Bu, arvad işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz.... Təvəqqe edirəm belə şeylərə şəkk gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb olar.... İnşaallah, bu cümə günü gedərik, bir gecəlik uşağı qoyarıq.... İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi evdən çıxdı. Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib yenə də ağladı.... Cəbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istəyirdi desin: "Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də, Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı.... Bəs bu pir məsələsi? Daha doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək istəməsi? Bu əhvalat Gülbadamı büsbütün dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb edirdi. Özünü aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi.... Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri ki, qurana and içmişdi.... Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi.... Namusunu, ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə özü də, əri də bədnam olalar.... Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə idi, bəlkə inana idilər.... Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas etmək. Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən allaha və qurana, bunlara and etdin əməl etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox adamlar qurana and içib sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan da, Gülbadam and içmək sevməzdi. Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın.... İlanın soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir.... Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi.... Fəqət bir söz də deyə bilmirdi. Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi: "Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!.... Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, mənim allahım! Mənə yol göstər!" Uca səslə yenə uşağın üstünə düşüb ağladı.... Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar.... Balaca Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı. Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ... nə ... nə.... Əlbəttə, Gülbadam da bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?" VIII "Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N... şəhəri müsəlman şəhəridir; yəni üçdən iki hissəsi müsəlmandırlar. Məscidləri var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir.... Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur. Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?.... Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə pirə getməklərini fikir edirdi. Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtəlif xəbərlərin hansı biri doğru olmağını bilsin.... Məşədi Allahverən üçün müxtəlif xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu gördüyüm gecəsinin səhəri uşağı apara idim". Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirləri başından keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu sözlərdən sonra həmişə qurana and içməyi də fikrinə gələrdi.... Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın.... O da öldü.... Ölməyi heç. Bunun ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim inanacaqdır? Bu fikirləri başından keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram.... Səni diri-diri qəbrə qoymaram!...." Yox! Bu sözləri deyirdi.... Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə insan əlacsız qalıb özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür.... Gülbadam da bu halətdə, bu fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi Allahverənin "allahu-əkbər!" səsi bunu oyatdı. Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan sonra bunun sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, "davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi Allahverən hətta dünənki hərəkətindən bir az da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz də söyləməyib lazım olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi.... Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər dəqiqənin, hər saatın uzanmasına şad ola idi, fəqət, biləks,bu tələsirdi.... Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını birdən-birə hərəkətə gətirsin.... Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini ağır bir daş basırdı. İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi.... Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: indi qucaqda gedirsən, sabah oynaya-oynaya gələcəksən.... Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün üzünü qara buludlar tutmuşdu.... Gəlib çatdılar.... Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-dürlü naxoşlar hələ dünəndən gəlib dəxil düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu məlum olurdu.... Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb qulaq asırdılar. Molla Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib xalq bir-birinə dəydi. Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına tərəf sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha kimi pirə dəxil salmağını da elan etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah sənə çox şükür!" sədası daha da ucaldı.... Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına baxdı.... Bu baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi həmişə anasına baxardı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss etdi ki, dilsiz Cəbi istəyir desin: "Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?" Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim".... Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər Gülbadam indi dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək uca səslə dedi: "Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!" Bu sözlərn dedikdə hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dəli olubdur! "Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam." "Yumsana bunun ağzını!"--deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi. Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi:--Gəlmə yavuq! Mən indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm. Haman allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim ağzımı yuman da haman allahın kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada qurana and içdim ki, o yatan bədbəxtin hiyləsini ölənədək söyləməyim--əlini mollanın qəbrinə uzadır--haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim. Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim ki, ölənədək bunun hiyləsini aşkar etməyim.... Fəqət çoban olmasaydı, bu pir də olmazdı. Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı və dedi: "Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam...." Bu vaxt Gülbadam uca səslə dedi:"Balamı mənə veriniz! Veriniz balamı!" Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi. Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.... Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı? * * * == Məktublar == Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubu Moskva, 28 yanvar 1925-ci il. "1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm... Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən. Mənim həyatım daim qayğılarla dolu olmuşdur: mən iyirmi yaşından qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən. Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir. Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm. Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... bu ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi. İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun “qanuni varisləri” adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər. Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir. Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, bu işdən imtina et... əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm. Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? – sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiət fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi. Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım..." * * * Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubu Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları, Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imerialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur. Siz və həmfikirləriniz mənimlə siyasi düşmən olduğunuza baxmayaraq mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım. Mən bu fikirdə idim ki, doğrudan da hamını birdən-birə döndərib beynəlmiləlçi etmək olmaz. Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Hətta, mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın sürətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kim, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz? Təkrar edirəm: ingilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) bir ovuc zavod sahibinin və mülkədarın mənafeyinin müdafiə edənlərsiniz. Məgər həqiqətdə belə deyilmi? Siz Azərbaycanı həqiqətən sevsəydiniz, həmişə dediyiniz kimi, ümumiyyətlə müsəlmanların əsil müdafiəçiləri olsaydınız, müsəlman kütlələrilə heç vaxt belə rəftar etməzdiniz… Lakin, mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş. İndi ingilislər gedirlər. Onlar ona görə getmirlər ki, siz onları məcbur edirsiniz; yox, buna səbəb odur ki, İngiltərədə iğtişaş vardır. Lakin onlar gedirkən sizi İtaliyanın əlinə ötürmək istərdilər (ah nə rəzalət!), lakin İtaliya özü də bu saat özünü o yan bu yana ata bilməz, çünki orada da çox qarışıqlıq vardır. İngiltərənin məqsədi sizi elə əllərə verməkdir ki, siz Sovet Rusiyası ilə əlaqədə ola bilməyəsiniz. Bunların hamısı sizə, əlbəttə, məlumdur. Nəhayət, İngiltərə möhkəm ümid edəcəyi bir adam tapmışdır ki, o da Denikindir. Sizin fikrinizi bilmirəm, lakin biz əminik ki, Denikin Bakıya İngiltərənin razılığı ilə hücum edir. Budur, siz burda bir cəsarət göstərirsiniz, Denikinə qarşı müharibə elan edirsiniz. Əcəba sizi belə hərəkət etməyə məcbur edən nədir? Mən burada fəhlələrin təzyiq göstərməsindən danışmaq fikrində deyiləm; yox, mənim məqsədim sizin ürəyinizin gizli sirlərini bilməkdir. Burjuaziya üçün bunun qətiyyən heç bir fərqi yoxdur; ona eyş-işrətli və arsız həyat lazımdır, bu isə Denikin vaxtında da olacaqdır. Lakin siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlar Denikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-müəssisanız cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır. Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. Mən inanıram ki, əgər ingilislər kimi Denikinin də Sovetlər Rusiyası ilə əlaqədə olmamaq şərtilə sizi rahat buraxacağından arxayın olsaydınız, o zaman o alçağı duz-çörəklə qarşılardınız. Sizin bütün siyasətinizi mən belə təsəvvür edirəm. Lakin əmin olun ki, Denikini, Gürcüstanla birlikdə siz yox, Sovetlər Rusiyası əzəcəkdir. Kolçak darmadağın edildi. Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir. Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır… Lakin siz özünüzə bununla haqq qazandıra biləcəksiniz ki, qonşularınız olan ermənilər və gürcülər belə etmişlər. Onda sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası barəsində xüsusi mövqe tuturdu? Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz, halbuki, sizin tərəfinizdən heç bir qurban verilmədən onlar sizə əsrlər boyu davam etmiş çar zülmündən azad olmaq imkanı yaratmışdılar. Bu sualı Ermənistana və Gürcüstana deyil, sizə verəcəklər. Siz isə heç bir cavab tapmayacaqsınız. Yalnız bunu deyə biləcəksizniz ki, siyasətdən xəbərsiz olduğunuz üçün bilmirdiniz ki, qüdrətli Vilhelm tac-təxtdən məhrum olacaq, Türkiyə öz istiqlaliyyətini itirəcək, siz öz müqəddəratınızı yenə Sovet Rusiyası ilə bağlamalı olacaqsınız. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürün. O, daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini Moskvaya göndərir və artıq orada Sovetlərə tərəfdar olmaqdan danışılır. Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan sovetlərə tərəfdar olduğunu bildirərsə (bu məhz belə də olacaqdır), onda sizin vəziyyətiniz necə olacaq? Qulaq asın, Nəsibbəy! Bilmirəm, bu məktub sizə çatacaqmı, amma bilirəm ki, bu sətirləri yazmağa məni vadar edən hislər mənə əzab verməyəcəkdir, ona görə ki, mən nə etməli idimsə, onu etmişəm. Siz və həmfikirləriniz mənim həyatıma bələdsiniz. Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusilə də Bakıya vermişəm. 25 illik ictimai-ədəbi fəaliyyətimdən sonra lap əldən düşmüşəm və bir ayağım gordadır. Mən tam inamla deyirəm: bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır… Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər. Belə bir prespektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi… Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun! Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız, bununla da müsəlman kütlələrini yaxın gələcəkdə gözlənilən yeni ağır sınaqlardan qurtarmış olarsınız. Qoy bu tarixi bir sənəd olsun. Siz öz həmfikirlərinizlə bu sənədə etina etməsəniz, əminəm, yaxın vaxtlarda həmin sənədi Azərbaycan respublikasının fəhlə və kəndliləri qarşısında oxumağa imkan olacaq və onlar görəcəklər ki, kimin ürəyi onların səadəti üçün belə səmimi və həyəcanla çırpınırdı. Nəriman Nərimanov 16 iyul 1919-cu il Həştərxan * * * Nəriman Nərimanovun Mart Qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub Yoldaş! Şəhərdə qalan müsəlmanlar öz səhvlərini düşündükdən sonra Şura hökumətini qəbul ediblər. Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yönü alıbdır. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir. Sizə məlumdur ki, top tüfəng qüvvəti ilə alınmış hökumətin camaat arasında nüfuzu olmazsa çox yaşaya bilməz. Buna binaən var qüvvətiniz ilə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss eləsin ki, bu müharibəyə milli rəng verən qara qüvvə ilə Şura yoldaş deyildir. Gərək nəinki söz ilə, fel (iş –Red.) ilə bildirmək və göstərmək ki, “qara qüvvə” ilə siz açıq-açığına müharibə edirsiniz. Mən sizə söz verirəm ki, şəhərdə müsəlman əhalisi tərəfindən Şura hökumətinə heç cəhətdən qorxu yoxdur. Müsəlmanlar təmiz (y)ürəklə hökuməti qəbul edib, sülh tərəfdarıdırlar. Hətta camaat özü kəndlərə adamlar göndərib, sülhə dəvət edir. Bununla belə “qara qüvvə” indiyənədək müsəlmanlara hücumdan çəkinməyir. Bir-iki gündə Şura hökuməti özünü bu qara vicdansız qüvvəyə göstərməsə, bən və yoldaşlarım sosialistlər iş başından çəkiləcəyik. Mən artıq dərəcədə təvəqqe edirəm burada yazdığım sözlərə fikir verib, tezlik ilə müsəlmanların yaralı (y)ürəklərinə dərman tapılsın. İkinci mühüm məsələ ərzaq məsələsidir. Müsəlman hissəsində müsəlmanların halı insanı çaşdırır. Aclarından fəqir-füqəra sinfi küçələrdə və talan olmuş evlərdə ölməkdədir. Şura hökumətinin nüfuzunu artırmaq üçün bu məsələyə artıq dərəcədə fikir verməlidir. Yoldaşımız doktor N. Nərimanovun bu kağızlarına cavab olaraq yoldaşlarımız Şaumyan və Caparidze xahiş edirlər ki, müsəlman sosialistləri ilə bir yerdə bu məsələlər müzakirə olunsun. İclas təyin olunur. “Hümmət” və müsəlman inqilabiyyun (eser – Red.) firqələrinin nümayəndələri Şaumyan və Caparidze ilə bu məsələlərə baxırlar. Təklif olunan suallara Şaumyan cavab verib deyir: “Qara qüvvəyə” müharibə elan olunubdur. Fəqət bizi hazır çaşdıran dağıstanlılar tərəfindən olunan hücumdur. Bununla belə biz var qüvvətimiz ilə çalışırıq ki, Şura hökuməti ədalətini göstərsin. Bu yavuq vaxtda müsəlmanlar bunu görüb hiss edərlər. Siz əmin olunuz, Şura hökumətini qəbul edən müsəlmanların hüququna heç bir yerdən təcavüz oluna bilməz. Bunları mühafizət etmək üçün Şura hökumətinin qüvvəsi vardır. Caparidze: Bən öz tərəfimdən Şaumyanın sözlərini təsdiq edib deyirəm: bilsəm ki, müsəlmanlar bana inanırlar, qeyr işlərimdən əl çəkib, müsəlman hissəsinin əmin-amanlığını öz əlimə alardım. Müsəlman sosialistləri: Biz yoldaşımız Caparidzedən təvəqqe edirik cürət ilə bu işə girişsin. Biz açıq-açığına deyirik, Şaumyan və Caparidzenin müsəlman arasında nüfuzu var. Bu iclasdan bir gün sonra müsəlman sosialistləri iclas çağırıb, qət edirlər ki, rəsmi surətdə inqilabiyyun komitəsinə bir neçə təkliflər etsinlər. Erməni milli komitəsi buraxılsın. Bu milli komitəyə tabe olan milli qoşun ya buradan çıxsın, yainki büsbütün Şura hökumətinə tabe olsun. Müsəlman hissəsinə qarovul müsəlman krasnı qvardiyalardan qoyulsun. Ərzaq məsələsində müsəlman hissəsinə artıq dərəcədə diqqət olunsun. Və bir neçə cüzi təkliflər olunur. * * * Kitabxana.az · https://kitabxana.az/authors/nerimanov İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.